2013-ci il 15 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

Protokolu № 57

Milli Məclisin iclas salonu.
15 fevral 2013-cü il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat    (saat 12.01 dəq.)
İştirak edir    105
Yetərsay    83

İclasa dəvət olunmuşlar:

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Həbib Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Hafiz Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Bahadur Kərimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Səttar Zamanov, Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Əli Mehdiyev, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri.

* * *

Adil Kərimov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Müalicə və tibbi yardımın təşkili şöbəsi müdirinin müavini.
Nəsib Quliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
    
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Fərəc Quliyev, İqbal Ağazadə, Ziyafət Əsgərov, Fazil Mustafa, Etibar Hüseynov, Sabir Rüstəmxanlı, Zahid Oruc, Siyavuş Novruzov, Fuad Muradov, Azay Quliyev, Fəzail İbrahimli, Adil Əliyev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri    (saat 12.02 dəq.)
Lehinə    99
Əleyhinə    1
Bitərəf    0
Səs vermədi    2
İştirak edir    102
Nəticə: Qəbul edildi

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Vilayət Zahirov, Hikmət Atayev, Fazil Mustafa, Elmira Axundova, Bahar Muradova, Əli Məsimli, Tahir Rzayev, Astan Şahverdiyev, Qüdrət Həsənquliyev, Azər Badamov, Zahid Oruc, Fərəc Quliyev, Siyavuş Novruzov, Cavanşir Feyziyev, Aqil Abbas

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri    (saat 13.56 dəq.)
Lehinə    97
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    97
Nəticə: Qəbul edildi

2. İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 16.03 dəq.)
Lehinə    99
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    99
Nəticə: Qəbul edildi

3. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 16.05 dəq.)
Lehinə    98
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    98
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 16.06 dəq.)
Lehinə    96
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    96
Nəticə: Qəbul edildi

5. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev, Fazil Mustafa, Fərəc Quliyev, Azay Quliyev, Leyla Abdullayeva, Sədaqət Vəliyeva, Əli Hüseynli, Tahir Rzayev, Musa Qasımlı, Hadi Rəcəbli, Ziyafət Əsgərov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 17.11 dəq.)
Lehinə    97
Əleyhinə    3
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    100
Nəticə: Qəbul edildi

6. “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 17.12 dəq.)
Lehinə    94
Əleyhinə    3
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    97
Nəticə: Qəbul edildi

7. “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 17.12 dəq.)
Lehinə    95
Əleyhinə    2
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    97
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 17.13 dəq.)
Lehinə    92
Əleyhinə    3
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    95
Nəticə: Qəbul edildi

9. Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Fazil Mustafa, Elmira Axundova, Leyla Abdullayeva, Əhliman Əmiraslanov, Sevinc Fətəliyeva, Məlahət İbrahimqızı, Gövhər Baxşəliyeva, Hikmət Atayev, Qüdrət Həsənquliyev, Nəsib Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri    (saat 17.58 dəq.)
Lehinə    95
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    95
Nəticə: Qəbul edildi



Azərbaycan Respublikası
Milli Məclisinin Sədri    
O.ƏSƏDOV


 



MİLLİ  MƏCLİSİN  İCLASI

15 fevral 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən.
Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat    (saat 12.01 dəq.)
İştirak edir    105
Yetərsay    83

Yetərsay var, çox sağ olun.
Bugünkü iclasın gündəliyində 9 məsələ var. Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri     (saat 12.02 dəq.)
Lehinə     99
Əleyhinə     1    
Bitərəf     0
Səs vermədi     2
İştirak edir     102
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, gündəlik təsdiq olundu. Gündəliyi müzakirə etməyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Bu gün bizim iki həmkarımızın ad günüdür. Hörmətli professorumuz Astan Şahverdiyevi və Malik Həsənovu ad günləri münasibəti ilə təbrik edirəm, can sağlığı, uğurlar arzu edirəm.
Oqtay müəllim, bu gün mətbuatdan oxudum ki, Azərbaycanın turizm şirkətləri Türk Hava Yollarına bilet satışını dayandırıblar. Mən hesab edirəm ki, bu məsələyə bizim rəsmi dövlət orqanları da müdaxilə eləməlidir. Ümumiyyətlə, Türk Hava Yolları sanki Azərbaycana ikili standartlarla yanaşır. Elə bil, biz ikinci dərəcəli bir ölkəyik. Biz bunu harada hiss edirik? Məsələn, biz tez-tez xarici ölkələrə səfər edirik və bir çox hallarda Türk Hava Yollarının xidmətindən istifadə edirik. Deməli, İstanbula qədər, bir də görürsən ki, 8-ci, 9-cu sıraya qədər biznes klassdır. Pərdəni çəkirlər, ortaya qoyurlar. Ortada bir dənə adam oturtmurlar, bu da biznes-klass olur. Adam çox olduğuna görə heç lazımi səviyyədə xidmət də göstərmirlər. Amma İstanbuldan hər hansı bir Avropa ölkəsinə uçanda baxırıq ki, burada artıq tamam fərqli və biznes-klasa layiq kreslolar yerləşdirilib. Ona görə ki, insanlar daha çox pul ödəyirlər və komfort şərait istəyirlər. Yəni bu, istər-istəməz ölkəmiz haqqında xoşagəlməz bir təəssürat yaradır. Mən hesab edirəm, bizim müvafiq qurumlar bu məsələyə xüsusi diqqət yetirməlidirlər.
İkinci, biz bu yaxınlarda Polşaya səfər elədik. Bizim hörmətli rektorlar, millət vəkilləri Abel müəllim, Gülçöhrə xanım, Səməd müəllim və təhsil və energetika nazirləri bu səfərdə iştirak edirdilər. Çox yüksək səviyyəli görüşlər oldu. Polşa Azərbaycan üçün çox önəmlidir və Mərkəzi Avropada, ümumiyyətlə, Avropa Birliyində, Avropa təşkilatlarında xüsusi yeri olan bir ölkədir. Çox mühüm sənədlər imzaladıq. Həm təhsillə, həm də onların sərbəst iqtisadi zonası ilə əlaqədar görüşlərimiz oldu. Xarici İşlər Nazirliyində, Maliyyə Nazirliyində, Polşa seymində olduq, onlar Azərbaycanla əməkdaşlıqda çox maraqlıdırlar.
Hesab edirəm ki, bizim milli maraqlarımız tələb edir ki, bu ölkəyə xüsusi diqqət yönəldək, orada imzalanmış məsələlər kağız üzərində qalmasın. Bunun üçün sizlərdən də, Milli Məclisin rəhbərliyindən də bir dəstək lazımdır. Orada Avropa İttifaqının müvafiq institutları fəaliyyət göstərir, Avropa komissiyası üçün kadrlar hazırlanır. Həmin ali məktəblərdə bizim qonşu respublikalardan onlarca gənc oxusa da, Azərbaycandan yalnız bir nəfər təhsil alırdı. O da Avropa İttifaqının qrantı hesabına orada oxuyur. Mən düşünürəm ki, biz bu məsələlərə diqqət yetirməliyik. Polşa Azərbaycanın suverenliyini hər zaman dəstəkləmiş bir ölkədir. Mən düşünürəm ki, biz bu məsələləri…
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mən fevralın 12-də cənab Prezident İlham Əliyevin “Regionların 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının 4-cü ili ilə bağlı keçirilmiş toplantıda söyləmiş olduğu fikirlərə lakonik şəkildə öz münasibətimi ifadə etmək istərdim. Hər şeydən öncə onu demək istərdim ki, ölkə Prezidenti keçən 4 il ərzində proqramın yerinə yetirilməsi sahəsində əldə edilən uğurların üzərində dayandı və yaxın perspektiv üçün həyata keçirilməsi vacib olan vəzifələri önə çəkdi. Bununla bərabər, xalqımızı narahat edən və az qala günümüzün reallığına çevrilən məsələnin – bir sıra məmurların yol vermiş olduğu neqativ hərəkətlərin üzərində dayandı, özünün kəskin mövqeyini və iradəsini ortalığa qoydu. Bir millət vəkili kimi, mən ölkə Prezidentinin bu mövqeyini birmənalı şəkildə dəstəkləyirəm və müdafiə edirəm. Düşünürəm ki, bu, Azərbaycan dövlətçiliyinə bir daha ölkə Prezidentinin münasibətinin məntiqindən doğan vətəndaşlıq mövqeyidir. Vacib məqam ondan ibarətdir ki, həddini aşaraq ona tapşırılmış vəzifəni, xalqa xidmət etməyi bir kənara qoyaraq digər xoşagəlməz hallarla məşğul olmaq, heç şübhəsiz ki, bu gün həyata keçirilən siyasətin fəlsəfəsinə uyğun gəlmir, onunla tam ziddiyyət təşkil edir. Düşünürəm ki, millət vəkilləri də cənab Prezidentlə bərabər belə adamlara qarşı öz mövqelərini ortaya qoymalıdırlar. Biz bu cür hallara qarşı kəskin mübarizə mövqeyində dayanmalı, onların bu hərəkətlərə yol verməməsi üçün iradəmizi ortalığa qoymalıyıq.
Mən adlar çəkmək istəmirəm və düşünürəm ki, hələlik buna ehtiyac yoxdur. Ölkə Prezidenti bununla bağlı artıq özünün konkret addımlarını atmağa başlayıbdır. Biz bir parlament olaraq hər zaman ölkə Prezidenti ilə bərabər olduğumuz kimi, bu məsələlərdə də ölkə Prezidentini dəstəkləməliyik, yolunu azmış harın məmurların Azərbaycan dövlətçiliyindən, idarəçiliyindən uzaqlaşdırılmasında ölkə Prezidenti ilə həmrəy olmalıyıq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Fəzail müəllim. Fərəc Quliyev buyursun.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hər vaxtınız xeyir olsun, hörmətli millət vəkilləri. Mən düşünürəm, həm bölgədə, həm dünyada, həm də ölkəmizdə müəyyən gərginliklər, yeni şəkilləndirmə, nüfuz dairəsi, dartışmaların olması ilə bağlı yeni situasiyalar yaranır. Mən hesab edirəm ki, bundan sonra deputatların yerlərdə əhali ilə daha çox iş görməsini stimullaşdırmaq lazımdır. Bu məsələyə çox ciddi yanaşmaq lazımdır. Əlbəttə, bəzi həmkarlarım onsuz da seçicilərlə mütəmadi görüşlərdə, təmaslarda olurlar və dövlətçilik mövqeyindən çıxış edirlər.
Hamıya bəllidir ki, həm Prezidentin, həm də Nazirlər Kabinetinin ehtiyat fondu vardır. Mən təklif edirəm ki, Milli Məclisin də ehtiyat fondunun yaradılması haqqında bir müzakirə açılsın. Bu fondun ehtiyatları hesabına deputatlara hesabata söykənən kvotalar ayrılsın və onlar öz dairələrindən savayı həssas bölgələrdə də ciddi şəkildə iş aparsınlar. Gənclərlə iş aparmaq, postsovet ölkələrindən və Azərbaycana yaxşı münasibəti olan Avropa ölkələrindən müəyyən qonaqları və iş adamlarını əyalətlərə cəlb etmək, onlarla birgə tədbirlər keçirmək mümkündür. Bizim deputatların arasında çox nüfuzlu insanlar var ki, onlar imkanları və əlaqələri hesabına bunu reallaşdıra bilərlər. Düşünürəm ki, Milli Məclisin belə bir fondunun olması çox əhəmiyyətli olar. Bu, dövlət büdcəsi hesabına deputatların fəaliyyəti və yerlərdə iş görməsi üçün çox ciddi təkan olar.
Etiraf edək ki, bu gün dövlətin üst düzəyi ilə bütün elektorat, əhali arasında ciddi körpü deputatlardır. Hər kəslə birbaşa təmas imkanları var. Ölkəmizin müəyyən xarici dövlətlər tərəfindən təhdid olunduğu bir dövrdə, ən müxtəlif versiyalarla, göndərilmiş müxtəlif adamlarla ölkədə qarışıqlıq yaradılmasının istənildiyi bir zamanda bizim əhali ilə ciddi şəkildə iş qurmağımızda bu fondun çox böyük əhəmiyyəti ola bilər. Bu, eyni zamanda, deputatların gələcəkdə daha ciddi şəkildə iş görməsi üçün əhəmiyyətlidir. Bu nümunə müəyyən dövlətlərdə var. Ona görə mən istəyirəm ki, bu, sadəcə olaraq, burada qalan təklifə çevrilməsin. Mən Milli Məclisin rəhbərliyindən və Prezident Administrasiyasından xahiş edirəm ki, bu təklifi nəzərə alsınlar. Mən demirəm ki, burada elə bir qərar qəbul olunacaqdır. Amma stimulverici bir imkan olarsa, bu fəaliyyət üçün hesabata söykənən vəsait ayrılarsa, biz daxildə bütöv gücümüzü toparlayaraq ciddi şəkildə işlər görmək imkanı qazana bilərik. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir


Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən son dövrlərdə baş verən hadisələr fonunda bir sıra siyasi şəxslərin həbsi ilə bağlı məsələyə münasibət bildirmək istəyirəm. Xüsusilə İsmayıllıda baş verən hadisələrdən sonra Real Hərəkatın sədri İlqar Məmmədov və “Müsavat” Partiyası sədrinin müavini Tofiq Yaqublunun həbsi cəmiyyətdə, beynəlxalq təşkilatlar qarşısında çox ciddi, çaşqınlığa yönəlik suallar yaradıb. Əvvəla, yanvar ayının 23-dən 24-nə keçən gecə hadisə baş verib. Əmlaka zərər dəyib, kütləvi etirazlar olub və sair. Mən bunun hüquqi tərəfinə toxunmaq istəmirəm. Amma yanvar ayının 24-də iki şəxs, biri müxbir, digəri isə, sadəcə, aktiv bir vətəndaş, ictimai proseslərdə iştirak edən şəxs kimi ora gediblər. Ayın 23-də gecə baş vermiş hadisələrə görə sonrakı gün həmin şəxslərin ittiham olunması absurd bir şeydir. Ayın 24-də İsmayıllı rayonunda nə yanğın, nə də dağıntı var idi. Heç bir şey yox idi. Bir gün əvvəl baş vermiş hadisəyə görə bunu yalandan siyasiləşdirib məsuliyyəti hakimiyyətin üzərindən müxalifətin üzərinə keçirməyin nə mənası var? Bunun nə perspektivi var? Bəli, dediniz ki, Avropa Şurasının qış sessiyasında Ştrasserin siyasi məhbuslarla bağlı siyahısını ləğv etdik. Olsun. Amma hadisələr bu şəkildə davam edəndə növbəti Ştrasser və növbəti siyasi məhbus siyahısı çıxacaq. Onda hansı mövqeləri ortaya qoyacaqsınız? Hesab edirəm ki, Milli Məclis bu məsələlərə münasibət bildirməli, bu şəxslər haqqında olan qondarma cinayət işi dərhal dayandırılmalıdır. Ümumiyyətlə, Prezidentin son çıxışından sonra İsmayıllı hadisələrinə görə həbs olunanların hamısı dərhal azadlığa buraxılmalıdır.
İkinci, mən “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna dəyişikliklərin Milli Məclisə çıxarılmasının əleyhinəyəm. Ümumiyyətlə, hər dönəm seçkiyə az qalmış ya “Siyasi partiyalar haqqında” Qanuna, ya “Qeyri-hökumət təşkilatları haqqında” Qanuna, ya da Seçki Məcəlləsinə mürtəce dəyişikliklər təklif olunur. Avropa Şurası qarşısında öhdəlik götürmüş bir ölkə qanunları əvvəlcə onların dediyinə uyğun qəbul eləyir. Növbəti mərhələdə isə xırda-xırda dəyişikliklər edə-edə qanunu gətirib elə bir mərhələyə çıxarır ki, o, əvvəlki mahiyyətindən tamamilə uzaqlaşır. Sonra da deyirlər ki, qanunun bu hissəsi Avropa komissiyaları ilə, beynəlxalq təşkilatlarla razılaşdırılıb və sair. Biz əgər dünyaya normal şəkildə inteqrasiya etmək istəyiriksə, belə mürtəce dəyişikliklərin heç birini qəbul etməməliyik. Vətəndaş cəmiyyətinin inkişafına dəstək verməliyik ki, demokratik cəmiyyət quruculuğunda daha çox şey əldə eləyək. Bu gün vətəndaş cəmiyyətinin mövcudluğu və onun inkişafı, əslində, demokratik cəmiyyətin yaradılmasının əsas prinsiplərindən biridir. Biz, əslində, bu prinsipləri pozuruq. Hesab edirik, bu prinsipləri pozmaq cəmiyyəti qapalı cəmiyyətə çevirəcək. Ona görə də bunun, ümumiyyətlə, gündəlikdən çıxarılmasını istəyirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal müəllim, mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Siz indi İsmayıllıda iki nəfərin həbs olunması ilə bağlı danışdınız. İstintaq onun üçündür ki, bunu müəyyən eləsin. Aydınlaşdırılsın ki, bunlar ora, həqiqətən, müxbir kimi, yoxsa ictimai-siyasi asayişi pozmağa çağırış məqsədi ilə gediblər. Onu istintaq müəyyənləşdirəcək, narahat olmayın. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən deputat həmkarım Qüdrət Həsənquliyevin dediyi məsələ ilə bağlı bir fikrimi bildirmək istəyirəm. Bildiyiniz kimi, hörmətli millət vəkili Elxan Süleymanovun rəhbərliyi altında nazirlərdən, deputatlardan, rektorlardan ibarət çoxsaylı nümayəndə heyəti Polşada səmərəli tədbirlər keçirdi. Qayıdandan sonra biz Hilton otelində mətbuat konfransı keçirdik. Təsəvvür edin, 2 nazir, 7 millət vəkili və Polşa səfirinin iştirak elədiyi mətbuat konfransını bütün televiziyalar çəkdilər, amma biri də göstərmədi. Yəni aydın oldu ki, dövlətçilik haqqında deyilən sözlər çox vaxt şəxsi maraqlardan o tərəfə keçmir. Dövlətçilik üçün vacib olan bir tədbiri, bu qədər mötəbər adamların iştirakı ilə keçirilən mətbuat konfransını nə AzTV verdi, nə də başqaları.
Elə Milli Məclisə də münasibət bu cürdür. Bazar günləri televiziyada Milli Məclisin iclaslarına baxın. Diktor mətni ilə verilir ki, filan qanun müzakirə olundu, yekdilliklə bəyəndilər, səs verdilər və qəbul elədilər. 3 nəfər əleyhinə oldu deyəndə nə olacaq ki? Dünya dağılacaq? Milli Məclisin səlahiyyəti o qədər aşağı salınıb ki, burada reportaj hazırlanıb AzTV-yə göndərilmir. Orada qayçılanır, sovet dövründə odluğu kimi bizim adımızdan diktor mətni ilə bildirir ki, hamı yekdilliklə səs verdi. Seçici də elə hiss edir ki, Milli Məclisdə sanki hamı tutuquşu kimi bir-birini təkrar edir. Belə şey olar? Bu, demokratik ölkədirsə, heç olmasa, televiziyada bunun göstərilməsi məsələsinə nəzarət eləmək lazımdır.
Üçüncü, mən İqbal bəyin dediyi müəyyən fikirlərlə razıyam, amma biri ilə razı deyiləm. Bu, Əkrəm Əylisli məsələsində də oldu. Xalqı təhqir eləyir, amma bir qrup adam ortaya çıxır ki, biz müdafiə edəcəyik. İnadla müdafiə edirlər ki, bu, söz, ifadə azadlığıdır. Tofiq Yaqublunun tutulması, həqiqətən, ədalətsizlikdir. Partiya rəhbərinin müavinini bu şəkildə tutmaq absurddur. O həm də jurnalistdir. Qızı da həbsdədir, özü də. Bunun mənəvi tərəfdən də heç bir izahı yoxdur. Mən xahiş edərdim, bu məsələnin üzərində düşünəsiz.
Amma İlqar Məmmədovla bağlı çox təəssüf edirəm ki, deputat həmkarlarımız Milli Məclisi zoopark, heyvanxana adlandıran, birbaşa hamımızı ayrı-ayrı təhqir eləyən adamı… Başa düşürəm, hüquq, insan haqları kontekstində nə isə deyə, müdafiə edə bilərsiniz. Heç olmasa, deputatlar bunu deməsinlər. Bizi təhqir eləyib, axı. Bu tipli məsələlərdə özümüzə bir az hörmət qoymağın tərəfdarıyam. O baxımdan da hesab edirəm ki, AzTV-yə və başqa məsələlərə bir az həssas yanaşıb, heç olmasa, Milli Məclisin elementar hörmətini qaldırmağa çalışmalıyıq. Sağ olun.
Sədrlik edən. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm. Ziyafət müəllim, bildiyiniz kimi, neçə müddətdir ki, Əkrəm Əylislinin “Daş yuxular” romanı geniş müzakirə olunur və insanlar öz fikirlərini bildirirlər, müəyyən bəyanatlar verirlər. Bir neçə gün bundan əvvəl hörmətli Prezidentimiz bu müraciətləri nəzərə alaraq Əkrəm Əylislidən “Xalq yazıçısı” və “Prezident təqaüdçüsü” adının geri alınması ilə bağlı fərman imzaladı. Yəni dediyim odur ki, zaman-zaman dövlət başçısı istər idmançı olsun, istər yazıçı, istərsə də müğənni, onların fəaliyyətlərini qiymətləndirərək fəxri adlar və təqaüdlər verir. Lakin çox təəssüflər olsun ki, bu adları alandan sonra bir çoxları öz ictimai davranışlarında daha diqqətli, daha məsuliyyətli olmaq, nümunəvi şəxsə çevrilmək əvəzinə öz yollarını azırlar, hərəkətlərini itirirlər və sair. Bu ada xələl gətirən hərəkətlərə, davranışlara yol verirlər.
Artıq ilk dəfə olaraq bu ad geri alındısa, mən bunun bir ənənə halına çevrilməsini istərdim. Qanunda da var ki, hər hansı bir fəxri ad geri alına bilər və bunun üçün ayrı-ayrı təşkilatların müraciəti gərəkdir. O cümlədən Milli Məclis də bu məsələ barədə dövlət başçısına müraciət edə bilər. Bir ictimai qınaq, ictimai təzyiq forması olaraq nazirliklərdə ilin yekun iclasları keçirilir. Yaxşı olardı ki, İdman və Gənclər Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi və yaxud Yazıçılar İttifaqı müntəzəm olaraq fəxri adlar almış insanların məsələlərini, davranışlarını, hərəkətlərini gündəliyə gətirərdilər və bu, insanlara bir örnək, bir təzyiq vasitəsi olardı. Bununla da onlar öz davranış və hərəkətlərində bir az intizamlı olarlar.
Televiziyanı izləyirik, görürük ki, 70 yaşlı insan nəvəsi yaşda olanları efirdə ən ağır təhqirlərlə ittiham edir. Nəvəsi yaşda olan insan da qayıdıb bunu ən ağır sözlərlə təhqir edir. Bu da, təbii ki, həmin fəxri adı daşıyanla yanaşı, fəxri adın özünü nüfuzdan, gözdən salır. Ona görə mənim təklifim budur ki, Milli Məclisdə də, ayrı-ayrı nazirliklərdə də tez-tez bu iclaslar keçirilsin və bu məsələyə baxılsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hamınızı salamlayıram. Hörmətli sədarət, hörmətli Milli Məclis! Mən həmkarlarım İqbal Ağazadə və Fazil Mustafanın bir sıra fikirlərini dəstəkləyirəm. Bəzi adamların haqsız yerə incidilməsi, günahkar olduğu sübut olunmadan həbsdə saxlanılması cəmiyyətdə narazılıq doğurur. Əslində, Azərbaycan Respublikası Prezidentinin çıxışının mahiyyətində bu var idi ki, insanları nahaq yerə incitmək, dövlətdən və hakimiyyətdən narazı salmaq lazım deyil. Mən bugünkü iclasın gündəliyindəki məsələlərə baxıram. Burada bələdiyyələrin fəaliyyətinə nəzarət edən orqanın illik məruzəsi, İƏT-in Ticarət və İnkişaf Bankının nizamnaməsi var. Digər altı məsələ isə qanunlara dəyişiklikdir. Mən başa düşmürəm, biz nə vaxta qədər yamaqçılıqla məşğul olacağıq? Qanunları qəbul edirik, sonra bu, nazirliklərə çatır. Hansı nazirliyin işinə yaramırsa, deyək ki, xalqın xeyrinədirsə, orada onların xalqı sıxışdırmaq imkanı yoxdursa, qaytarırlar. Hökmən bura nə isə əlavə olunmalıdır ki, o qanunlar gələcəkdə camaatı incitmək üçün şərait yaratsın. Burada artıq qeyri-hökumət təşkilatları ilə bağlı deyildi. Mən bu dəyişikliyin müzakirəsinin qətiyyətlə əleyhinəyəm və onun burada müzakirə olunmasını istəmirəm.
Bilirsiniz, burada dəfələrlə səslənib, biz də söyləmişik, keçən yığıncağımızda da dedik. İcra başçılarının və bəzi məmurların insanlarla sayğısız rəftarı axırda çox ciddi problemlərə gətirib çıxarıb. Azərbaycan Respublikası Prezidentinin sonuncu çıxışı imkan verir ki, bu məsələlərin üstünə daha ciddi gedilsin. Hesab edirəm ki, millət vəkillərinin təkliflərinə münasibət də dəyişilməlidir. Mən bir misal deyim. Biz müxtəlif məsələlərlə bağlı məhkəmələrə, müxtəlif orqanlara dəfələrlə müraciət edirik, amma məktublara cavab belə vermirlər.
Artıq deyildi, Tofiq Yaqublu jurnalistdir. Avtomobil qəzasında onun qızının başına bir hadisə gəlib. Çox vacibdirmi ki, ata-qız ikisi də həbsdə yatsın? Bu nə münasibətdir, nə baş verib? Bunlar dövləti dağıdırlar? Güzəşt eləmək olmazmı? Tofiqin balaca bir qızı var, mənim qapıma gəlib. Yazığım gəldi, balaca uşaq küçələrə düşüb, atası və bacısı üçün imza toplayır. Bu cür münasibət olmaz, bir az diqqətli olmaq lazımdır. Mən hesab edirəm ki, bu il bu məsələlərə dözmək, susmaq doğru deyil. Buna görə də Azərbaycan Respublikasında bu il baş verən hadisələrə Milli Məclisdə...
Sədrlik edən. Sabir müəllim, mən Sizin qaldırdığınız bir məsələyə münasibət bildirəcəyəm. Deyirsiniz ki, qanunlara yamaq vururuq. Qətiyyən belə deyil. Bunun iki səbəbi var. Birinci əsas səbəb ondan ibarətdir ki, Siz də görürsünüz, biz xeyli sayda beynəlxalq konvensiyalara qoşuluruq. Demək olar ki, hər iclasda bu və ya digər konvensiyanı təsdiq edirik. Təsdiq etdiksə, bizim qanunlar o konvensiyaların tələbindən irəli gələn məsələlərə uyğunlaşdırılmalıdır. Biz istəsək də, istəməsək də, onları beynəlxalq konvensiyaların tələblərinə uyğunlaşdırmalıyıq. Bu ona görədir.
Digər məsələ. Bilirsiniz, ictimai münasibətlərin dinamikası çox çevikdir. İctimai münasibətlər, həyatımız, ümumiyyətlə, çox tez inkişaf edir. Biz keçən il qəbul etdiyimiz qanuna dəyişiklik edirik, çünki bir ildən sonra nə olacağını əvvəlcədən görmək çətindir. Dünyada proseslər o qədər sürətlə gedir ki, bunu əvvəlcədən görmək çətindir. Ona görə bu qanunlara dəyişiklik edilir və edilməlidir də. Bu, normal bir qanun yaradıcılığı fəaliyyətidir və buna başqa bir don geyindirmək lazım deyil. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən də ilk növbədə cənab Prezidentin rəhbərliyi ilə keçirilən müşavirədə onun məmurların davranışı və xalqla rəftarına dair tezislərinə, prinsipial ideyalarına münasibətimi bildirmək istəyirəm. Əlbəttə, hər kəs görür ki, ölkənin 90-cı illərdə bir gündəmi vardı, 2013-cü ildə tamam fərqli bir gündəliyi var. O dövrdə əgər biz separatçı qüvvələrlə, etnik zəmində qarşıdurma törədənlərlə və yaxud digər silahlı dairələrlə savaşdaydıqsa, indiki dövrün qayğısı məmur fəaliyyətindəki şəffaflıqdır, hesabatlıqdır, normal qanuni prinsiplərə əməl eləməkdir, dövlət başçısının müəyyənləşdirdiyi siyasətin vətəndaşa çatdırılması, onun ünvanlılığıdır. Heç şübhəsiz ki, bu məsələlərdə problemlər törətmək məhz həmin cinahda dövlətə münasibəti zədələyir, vətəndaşın etibarına təsir göstərir, məmur-hökumət, məmur-vətəndaş münasibətlərinə xeyli təsir göstərir.
Mən sizə cənab Prezidentin rəhbərliyi ilə keçirilən bir müşavirəni xatırlatmaq istəyirəm. Ensiklopediyanın yaradılması ilə əlaqədar cənab Prezident çox haqlı olaraq bu məsələyə baxan məsul şəxsə münasibətini ifadə eləmişdi və orada çox maraqlı bir məqamı qabartmışdı. Cənab Prezident söyləmişdi ki, əgər mən bir az hakimiyyətə gec gəlsəydim, çoxlarının sifətini və simasını görərdik. Həqiqətən də, cəmi 3, bəlkə də 2 aylıq bir fasilə olmuş olsaydı, əqidəsi bəlli olmayan, xeyli dərəcədə nataraz ideologiyaları daşıyan, yalnız mədə maraqları ilə yaşayan insanlardan bu hökumət, bu hakimiyyət xilas olardı. Bu onun xalqla münasibətlərinə də, görülən tədbirlərin ümumi miqyasına da yalnız müsbət təsir göstərərdi.
Mən Almaniyanın yaxın tarixindən bir nümunəni demək istəyirəm. Təhsil nazirinin diplom işində plagiatlıq aşkarlandığından o, istefaya getdi. Bunu onunla əlaqələndirdi ki, mən təmsil olunduğum hökumətin ünvanına qətiyyən xələl gətirmək istəmərəm. Başqa bir misal. Roma katoliklərinin başçısı XVI Benedikt 85 yaşında üzünü Allaha tutub dedi ki, ritualları yerinə yetirərkən duaları yaxşı icra eləyə bilmir və Allah qarşısında günah daşımaq istəmir. Mən bu məsələləri deməklə artıq vəzifə kreslolarını özünə bağlamış, xeyli dərəcədə etimadı sarsıtmış, ünvanlı yardım siyasətini ancaq özünə xidmətə yönəltmiş şəxsləri istefaya getməyə çağırıram. Düşünürəm ki, o insanlar cənab Prezidentin təsvirinə çox uyğun gəlirlər. Onlar real hədəfdə, vətəndaşın nəzərində var, sadəcə, gərəkdir ki, bu addımı atsınlar və dövlətin siyasəti davam eləsin.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də gündəliklə razıyam, səs verəcəyəm, amma bəzi məsələlərə öz münasibətimi bildirmək istəyirəm. Birinci, burada qeyd olundu ki, guya kiminsə həbsi ilə bağlı cəmiyyət narahatdır. İctimaiyyətdə heç bir narahatçılıq-zad yoxdur. Heç bir narazılıq da yoxdur. Hüquqdur. Hansı partiyanın üzvü olmasından asılı olmayaraq, hamı qanun qarşısında bərabərdir və öz əməlinə, fəaliyyətinə görə qanun qarşısında cavab verməlidir. Bəli, cəmiyyətin narazılığı ondan ibarətdir ki, Azərbaycan xalqını, islam dinini, türkçülüyü təhqir eləyən, Ziyalılar Forumunda təmsil olunan Əkrəm Əylislinin dost-tanışları neçə ildir, bu romanı sevə-sevə oxuyurlar, amma xalqının, millətinin, dövlətinin, adət-ənənələrin təhqir olunmasına biri də münasibət bildirmir.
Bəli, iki il bundan qabaq İctimai palata adlanan bir dərnəkdə də, Ziyalılar Forumunda da bu, müzakirə olunub. Danışanda vətən, xalq deyənlər, guya vətəndən ötrü Rusiyanı atıb bura gələnlər və digərləri nədənsə indiyə qədər buna bir münasibət bildirməyiblər. Onların əksəriyyəti eyni düşüncənin daşıyıcılarıdırlar, Azərbaycanın mədəniyyətinə, incəsənətinə eyni gözlə baxırlar. Ona görə də onların fikirləri Əkrəm Əylislidən fərqlənmir, bəzi hallarda onunla üst-üstə düşür. O baxımdan da kimin hansı əməli törətdiyi artıq bəlli olmalıdır.
Bəzən görürsən ki, mitinq kimi bir şey keçirmək istəyirlər. O siyasi partiyanı təmsil edən jurnalistlər peşə fəaliyyətini kənara qoyub mitinqin fəal iştirakçısına çevrilirlər. Deyəndə ki, qeyri-qanuni mitinq keçirirsən, şuluq salırsan, onda cibindən vəsiqəsini çıxarır ki, mən jurnalistəm. Jurnalistin peşə fəaliyyəti tamamilə başqadır.
Deyirlər ki, onlar İsmayıllıya vəziyyəti araşdırmağa gediblər. Hüquq mühafizə orqanısan? Sən kimsən axı, İsmayıllıya gedirsən, vəziyyəti araşdırırsan? Bilirsən ki, gərginlik var. Düz adamsansa, gözlə, sakitlik yaransın, sonra get, araşdırma, jurnalist təhqiqatı apar və sair. Hadisələrin ən gur yerində insanlara çağırış etmək, onları ora dəvət etmək, etirazı daha da gücləndirmək məqsədi güdənlərin axırı belədir. Burada Fazil Mustafa gözəl qeyd elədi, İlqar Məmmədov çoxdan ora getmək istəyirdi, onun arzusu, istəyi tutulmaq idi. Milli Məclis haqqında olmazın hörmətsiz fikirlər söyləmişdi. Düzdür, Milli Məclisin deputatları ona baş qoşmadılar. Deputatların böyük hissəsi onu məhkəməyə vermək istəyirdi, bununla əlaqədar qərar da var idi. Lakin artıq özü getdi. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən də gündəlikdə olan məsələləri dəstəkləyirəm. Bir məsələyə toxunmaq istəyirəm. Ziyafət müəllim, son bir həftədir, ermənilər təmas xəttində çox təxribatçı hərəkətlər törədirlər. Çalışırlar ki, beynəlxalq ictimaiyyətə müəyyən siqnallar versinlər. Amma biz çox gözəl bilirik ki, artıq böyük dövlətlər, beynəlxalq təşkilatlar ermənilərin təmas xəttindəki hərəkətlərinə birmənalı qiymət veriblər. Təbii ki, seçki zamanıdır, rəhbərlik çalışır ki, maksimal olaraq gərginliyi saxlasın və bundan siyasi dividend əldə eləsin.
Eyni zamanda, zəbt olunmuş ərazilərdə aeroportun açılması ilə bağlı müəyyən fikirləri səsləndirirlər. Biz bu yaxınlarda xaricdə görüşlər keçirdik. Deyə bilərəm ki, bütün böyük dövlətlər həmin aeroportun açılmasının əleyhinədirlər. Burada məntiqli faktlar, eyni zamanda, mənəvi məsələ var. Hamı başa düşür ki, ermənilərin əsas məqsədi gərginliyi saxlayıb Azərbaycanın imicinə müəyyən qədər ziyan vurmaqdır, amma bu olmayacaq. Biz dəfələrlə bəyan eləmişik ki, heç bir təyyarəni vurmayacağıq, sadəcə olaraq, beynəlxalq normalara uyğun olaraq onu məcburi endirəcəyik. Artıq beynəlxalq təşkilatlar, böyük dövlətlər – Böyük Britaniya, Fransa və digər ölkələr bu mövqeyi tam dəstəkləyirlər.
Hörmətli Ziyafət müəllim, burada cənab Prezidentin çıxışı ilə bağlı müəyyən fikirlər səsləndirildi, biz də, təbii ki, bunu, xüsusi olaraq korrupsiya ilə, sahibkarların işinə əngəl törətməməklə bağlı məsələləri dəstəkləyirik. Bildirmək istəyirəm ki, cənab Prezident mütəmadi olaraq bu çıxışları eləyir. Kimsə bunu seçki ilə, müəyyən məsələlərlə bağlayır. Xeyr, cənab Prezident həm korrupsiya ilə, həm də ölkədəki ictimai-siyasi vəziyyətlə bağlı hər zaman öz fikrini bildirib.
Ziyafət müəllim, bir məsələyə də toxunmaq istəyirəm. Əslində, mən belə məsələlərin bura çıxarılmasının əleyhinəyəm, amma istəyirəm, həmkarlarımız da, rəhbərlik də bu məsələni bilsin. Səbail rayonunun Arif İsmayılov küçəsində üçmərtəbəli bir bina var. O bina çox təhlükəli vəziyyətdədir. Mən Baş nazirə, fövqəladə hallar nazirinə müraciət eləmişdim, çox sağ olsunlar, onlar bununla bağlı öz mövqelərini bildiriblər və tapşırıq veriblər ki, yaxın bir zamanda o binada işlər başlasın. Amma bütün bunlara baxmayaraq, Hacıbala müəllim məktubunda yazır ki, bizim vəsaitimiz yoxdur. Orada yüzdən çox adam yaşayır. Mən çox xahiş edirəm ki, bu məsələyə diqqət verilsin, çünki bu, sabah Azərbaycan üçün bir problem yaradacaq. Sağ olun.
Sədrlik edən. Mən də Sizdən xahiş edirəm ki, Hacıbala müəllimə müraciət eləyin. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım! Mən də millət vəkillərinin bəzi fikirlərinə qoşularaq bir neçə məqama münasibət bildirmək istəyirəm. Birincisi, bu gün gündəmdə olan əsas mövzu cənab Prezidentin ayın 12-də keçirdiyi toplantıda səsləndirdiyi fikirlərdir. Bir cümlə ilə ifadə etsək, həqiqətən də, dövlət başçısının dediyi fikirlər hər bir vətəndaşın ürəyincə idi. Düşünürəm ki, toplantıdan sonra o tələbləri, qaydaları pozan məmurlar da artıq müəyyən mənada öz fəaliyyətlərində dönüş edəcəklər. Düşünürəm ki, hər bir məmur cənab Prezidentin qeyd etdiyi kimi, əsas vəzifəsini, vətəndaşa, xalqa xidmət etmiş olduğunu bir daha göstərəcək, sübut edəcək.
İkinci bir məsələni də vurğulamaq istəyirəm. Bu da bir qrup seçicinin mənə müraciəti ilə əlaqədardır. Məsələ burasındadır ki, İran–Azərbaycan sərhəd-keçid məntəqəsində azərbaycanlılara qarşı çox böyük haqsızlığa yol verilir. Sərhəd-keçid məntəqəsinin İran tərəfində məmurlar azərbaycanlıları keçid zamanı açıq şəkildə təhqir edir, söyüş söyür, bəzən də onlara təzyiq edirlər. Müəyyən irad bildirən zaman isə “sizin heç bir hüququnuz yoxdur, bura niyə gəlmisiniz və sizin müəyyən mənada burada danışma haqqınız yoxdur” kimi nalayiq sözlərlə onları aşağılayırlar. Bəzən vətəndaşlarımızı gecikdirmək üçün kompüteri süni şəkildə söndürürlər və deyirlər ki, sistem işləmir. Bilirsiniz, həmin keçid məntəqəsindən yaşlı insanlar, xəstələr, uşaqlar keçirlər. Hətta bəzən bunlar psixoloji təzyiqlə üz-üzə qalırlar. Mən hesab edirəm ki, bunu aidiyyəti orqanlar araşdırmalıdırlar. Bizim keçid məntəqələrində İran vətəndaşları çox böyük hörmət, izzətlə qarşılanır, onların hər bir məsələləri dərhal həll olunur. Eyni münasibət bizim vətəndaşlara qarşı da göstərilməlidir. Bu gün İranın sərhəd-keçid məntəqəsində çalışanlar açıq şəkildə Azərbaycana qarşı nifrət hissi aşılayırlar. Müvafiq qurumlar buna öz etirazlarını bildirməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Təşəkkür edirəm. Mən də bu gün hər bir kəsin ürəyindən xəbər verən, tibbi dillə ifadə etsək, cəmiyyətdəki mövcud vəziyyətə düzgün diaqnoz qoyan və cəmiyyətdə baş verən proseslərin fəlsəfəsini açan Prezidentin o çıxışı ilə bağlı bəzi məqamları demək istərdim. Çox qəribə təzad var. Bir tərəfdən kosmosa uçuruq, səsimiz Birləşmiş Millətlər Təşkilatından gəlir, Azərbaycan regionun inkişaf etmiş dövlətinə çevrilir (bunlar hər bir millətin sevgisinə səbəb olan məqamlardır), digər tərəfdən, Prezidentin ifadəsi ilə desək, bəzi məmurların qudurğanlığı beynəlxalq təzyiqlərin təsiri altında zorla, güclə əldə edilmiş uğurlara kölgə salır. Bu uğurlar kimin üçündür? Millət, xalq üçündür. Əgər hər hansı bir məmur bu dövləti, bu hakimiyyəti, bu milləti gözdən salırsa, təbii ki, buna ən düzgün ad qoyulur: “məmurun qudurğanlığı”. Qudurğanlığın forması necə olur? Əgər millət vəkilinin telefonuna, zənglərinə cavab verilmirsə, onun ərizə və şikayətlərinə, 40 min insanı təmsil edən adamın fikirlərinə belə laqeyd münasibət varsa, onda sadə adamlara nə münasibət ola bilər? Tamamilə doğru, düzgün deyilib. Güman edirəm ki, Azərbaycan xalqının hər bir üzvü, millət vəkilləri bu fikirləri tamamilə dəstəkləyirlər. Bu məsələlərlə bağlı addımların atılmasında biz Prezidentə dəstək verməyə hazırıq.
İkinci bir məqamı demək istəyirəm. Bəzən bu addımların özünə də ədalətsiz münasibət görürük. Məmur, tutaq ki, İsmayıllının icra başçısı işdən çıxarılıb, bəzi fikirlər səslənir. Məmurlar da ətrafındakıları qurban verir. Yaxşı, bunu saxlamaq lazımdır ki, növbəti bir hadisə də baş versin? Bəzən ədalətsiz münasibətin özü də müəyyən münasibətlərə mənfi təsir eləyir. Hər kəs layiqli cəzasını almalıdır. Bu gün deyilən sözlər həyata keçirilməlidir. Bu sözlərin arxasında real iş dayanmalıdır. Korrupsiya, məmur özbaşınalığı ilə bağlı deyilən sözlərin əgər həyatda real ifadəsini davam etdirmək mümkün olacaqsa, güman edirəm ki, cəmiyyət kifayət qədər qazanacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, mən bugünkü gündəlikdəki məsələlərin hamısına müsbət yanaşıram və səs verəcəyəm. Ancaq məni narahat eləyən məsələ keçən iclasda da qeyd etdiyim kimi, “Azəristilik” Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə bağlı olan problemlərdir. Siz də söz vermişdiniz ki, məşğul olacaqsınız, tapşırıq verəcəksiniz. Əfsuslar olsun ki, bugünkü günə qədər “Azəristilik” Səhmdar Cəmiyyəti məni və mənim seçicilərimi narahat edir. Mən artıq bilmirəm, bundan artıq tribuna varmı ki, oradan çıxış edək. “Azəristilik” Səhmdar Cəmiyyətinin qazıb tökdüyü küçələri yarımçıq qoyub başqa işlərlə məşğul olmasına ehtiyac varmı? Yəni bu gün “Azəristilik” Səhmdar Cəmiyyətinin böyük ərazini əhatə edən köhnədən qalmış qazanxanaları sökülüb. Əvəzində isə insanların yaşadıqları evlərin düz yaxınlığında kiçik qazanxanalar quraşdırılır. Qanunvericiliklə də buna icazə verilmir. Qazanxanalar insanların yaşadığı evlərindən müəyyən məsafədə – uzaqda yerləşdirilməlidir. Bu gün bunların heç birinə nəzarət olunmur. Mən öz seçicilərimə verdiyim sözə əməl edib burada həmin problemi qaldırıram. Sizdən xahiş edirəm ki, hansı qaydada istəyirsiniz, bu məsələ ilə məşğul olaq ki, bu problem aradan qalxsın. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, qanun layihələrinin müzakirəsinə keçirik. Gündəliyin birinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Ədliyyə nazirinin müavini Vilayət Zahirov məruzə edəcək. Buyurun.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli sədarət, hörmətli deputatlar, xanımlar və cənablar! “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq 2012-ci il üzrə illik məruzəni diqqətinizə təqdim edirəm.
Azərbaycanın milli inkişaf siyasətinin 2012-ci ildə qətiyyətlə və uzaqgörənliklə davam etdirilməsi, həyata keçirilən müdrik dövlət idarəçiliyi sayəsində ölkəmizin qüdrəti artmış, dövlətçiliyimiz daha da möhkəmlənmişdir. Ulu öndər Heydər Əliyevin ideyaları əsasında gerçəkləşən sürətli inkişaf prosesi dövlətimizin beynəlxalq nüfuzunun yüksəlməsinə, dünya birliyinin Azərbaycana böyük hörmət və etimad göstərməsinə səbəb olmuşdur. Respublikamızın iqtisadi potensialının güclənməsi sosial, hüquqi və digər sahələrlə yanaşı, yerli özünüidarəetmənin də inkişafına müsbət təsir etmişdir.
Yerli demokratiya ilə əlaqədar məsələlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təsdiq olunmuş bir sıra dövlət proqramlarında nəzərdə tutulmuş, Milli Məclis tərəfindən yerli özünüidarəetməni tənzimləyən qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmişdir.
Belə ki, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyənin nümunəvi nizamnaməsinin təsdiq edilməsi haqqında” və digər qanunlara yerli özünüidarəetməni yaxşılaşdırmağa yönəlmiş bir sıra zəruri dəyişiklik və əlavələr edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli Sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı” və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda yerli özünüidarənin, yerli demokratiyanın inkişafı məsələlərinə də önəm verilərək görüləcək işlərin dairəsi, o cümlədən yerli büdcənin tərtibinə və icrasına, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexanizmləri və prosedurları, bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması və sair kimi önəmli vəzifələr müəyyən edilmişdir. Eyni zamanda, Milli Fəaliyyət Planında nəzərdə tutulmuş tədbirlərin icra edilməsi bələdiyyələrə də tövsiyə olunmuşdur.
Nazirlik tərəfindən hazırlanmış layihə əsasında “Bələdiyyələrin Nümunəvi Reqlamenti” Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmişdir. Bələdiyyə idarəçiliyinin yaxşılaşdırılmasında reqlamentin böyük önəm daşımasını nəzərə alaraq nazirlik tərəfindən zəruri maarifçilik tədbirləri keçirilir.
“Sosial xidmət haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Nazirlər Kabinetinin 2012-ci il 30 dekabr tarixli qərarı ilə təsdiq olunmuş “Sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə, fiziki və hüquqi şəxslərə, o cümlədən qeyri-hökumət təşkilatlarına verilməsi Qaydası” dövlət sifarişlərinin bələdiyyələrə də verilməsini nəzərdə tutur ki, bu da bələdiyyələrin maliyyə vəziyyətinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir.
Bələdiyyələrin maliyyə vəziyyətini gücləndirmək məqsədi ilə dövlət büdcəsindən ayrılan dotasiyaların həcmi də Milli Məclisin təşəbbüsü ilə ötən illərlə müqayisədə artırılaraq 5 milyon manatdan çox olmuşdur.
Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 28 iyun tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008–2015-ci illərdə Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və davamlı inkişaf Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə tədbirlər planının icrası ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilmiş, maarifləndirici seminarlar və sair tədbirlər keçirilmişdir. İl ərzində 75 seminar keçirilmiş, həmin tədbirlərə 4820 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Seminarlar başlıca olaraq aşağıdakı mövzular üzrə keçirilmişdir:
-    bələdiyyə torpaqları üzərində mülkiyyət hüququnun tanınması məsələləri;
-    insan hüquqlarının qorunmasında bələdiyyələrin rolu;
-    insan hüquqlarına dair beynəlxalq sənədlərdən irəli gələn vəzifələr;
-    yerli özünüidarəetmədə şəffaflığın artırılması;
-    yeni qanunvericiliyin tətbiqi məsələləri;
-    korrupsiyaya qarşı mübarizədə “şəffaf bələdiyyə” metodu;
-    gender bərabərliyi və sair.
Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi də maarifçilik tədbirlərinə önəm verərək il ərzində 24 seminar keçirmiş, həmin seminarlara 700 bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur.
Ötən il Ədliyyə Akademiyasında, Dövlət İdarəçilik Akademiyasında, eləcə də Türk Dünyası Bələdiyyələr Birliyinin təşkil etdiyi Türkiyə Respublikasının İstanbul və Kocaeli şəhərlərində 21 tədris kursu keçirilmiş və bu kurslara 482 nəfər bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Kurslarda bələdiyyə idarəçiliyi üçün önəm daşıyan aktual mövzular üzrə mühazirələr oxunmuş, İstanbul və Kocaeli şəhər bələdiyyələri ilə təcrübə mübadiləsi də təşkil edilmiş, onların işi ilə yaxından tanış olmuşlar.
Bütövlükdə il ərzində 6000-dən çox bələdiyyə üzvü və qulluqçusu maarifçilik tədbirlərinə cəlb olunmuşlar ki, bu da ötən illə müqayisədə 16,8 faiz çoxdur.
Ölkə Prezidentinin sərəncamları ilə bir sıra bələdiyyə sədrlərinin yüksək dövlət mükafatları ilə təltif olunması da ölkəmizdə yerli özünüidarənin inkişafının, yerli demokratiyanın daha da tərəqqi etməsinin, bələdiyyələrin fəaliyyətinin dövlətin daim diqqət mərkəzində olmasının göstəricisidir.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, onun səmərəliyinin artırılması, bələdiyyələrdə qanunçuluğun möhkəmləndirilməsi məsələləri Ədliyyə Nazirliyinin kollegiya iclaslarında dəfələrlə müzakirə edilmiş, bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmiş, həlli vacib olan məsələlər üzrə zəruri tapşırıqlar verilmiş, bir sıra başqa tədbirlər həyata keçirilmişdir. Eyni zamanda, regional ədliyyə şöbələrinin fəaliyyətinin təkmilləşdirilməsi üçün şöbələrə hərtərəfli metodik kömək göstərilmiş, onların əməkdaşlarının peşə hazırlığının artırılması üçün zəruri tədbirlər görülmüş, nəticədə regional ədliyyə şöbələrinin işinin səmərəsi xeyli artmışdır.
İnzibati nəzarətin “Yerli özünüidarə haqqında” Avropa Xartiyasında və “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Qanunda müəyyən edilmiş qaydada və hallarda həyata keçirilməsi, bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması, inzibati nəzarəti həyata keçirərkən bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst həll etmək hüququnun məhdudlaşdırılmaması və sair kimi prinsiplərə əməl olunmaqla bələdiyyələrdə qanunçuluğun təmin olunması istiqamətində tədbirlər davam etdirilmişdir.
Görülmüş tədbirlər nəticəsində bələdiyyə idarəçiliyinin səmərəliliyi xeyli artmışdır. Belə ki, 2012-ci ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə əlaqədar 1587 müraciət (ötən illə müqayisədə 31 faiz az) daxil olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 22 iyun tarixli “Dövlət və bələdiyyə əmlakının və vəsaitlərinin idarə olunması sahəsində korrupsiya ilə əlaqədar hüquqpozmalara qarşı mübarizənin gücləndirilməsi haqqında” Fərmanına uyğun olaraq 8 müraciət araşdırılması üçün dərhal Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilmişdir.
Eləcə də, 2012-ci ildə inzibati nəzarət qaydasında baxılması üçün ədliyyə orqanlarına 52370 bələdiyyə aktı (ötən illə müqayisədə 64 faiz çox) daxil olmuşdur. Onlardan 1532 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ya ləğv edilməsi haqqında bələdiyyələrə təklif göndərilmişdir. Həmin təkliflərin çoxu bələdiyyələr tərəfindən təmin edilmişdir. Bələdiyyə aktının dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı məhkəmələrdə 5 iddia qaldırılmış, onlardan 4-ü təmin edilmiş, 1-i isə baxılmaqdadır.
Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 950 bələdiyyə aktı təqdim olunmuş və onların hüquqi ekspertizadan keçməsi təmin edilmiş, 1 bələdiyyə aktı qanunvericiliyə uyğun olmadığı üçün ləğv olunmuşdur.
Daxil olan aktların ekspertizası göstərir ki, bələdiyyə aktlarının qəbulunda daha çox aşağıdakı nöqsanlara, qanunsuzluqlara yol verilir:
-    iclas protokollarının qanunvericiliyin tələblərinə uyğun tərtib olunmaması;
-    ayrılması nəzərdə tutulan maliyyə vəsaitinin miqdarının qərarda göstərilməməsi;
-    dövlət tərəfindən ayrılan dotasiyaların xərclənməsi ilə bağlı ayrıca qərarın qəbul edilməməsi;
-   torpaq sahəsinin ayrılması ilə əlaqədar qanunda müəyyən edilmiş müvafiq rəylərin aktlarda göstərilməməsi;
-    bələdiyyələrin müvafiq komissiyalarının təkliflərinin bələdiyyə iclaslarında müzakirə olunmaması;
-    torpaq sahəsinin dəyəri ödənilmədən satılması barədə qərarın verilməsi və sair.
Bu uyğunsuzluqların aradan qaldırılması üçün mütəmadi olaraq bələdiyyələrə təklif və tövsiyələr göndərilmişdir. Həmin təklif və tövsiyələrin bələdiyyələr tərəfindən vaxtında icra olunması və nəzərə alınması bələdiyyələrin işinə müsbət təsir göstərmiş, 2012-ci ildə əvvəlki ilə nisbətən bələdiyyə mülkiyyətinə qaytarılan əmlakın miqdarı 2 dəfə artıq olmuşdur. Belə ki, il ərzində 8937 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmış, eyni zamanda, bələdiyyə büdcəsinə vurulmuş 305 min manat məbləğində ziyanın ödənilməsi təmin edilmişdir.
Bir sıra bələdiyyələr “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsində nəzərdə tutulmuş bələdiyyə aktlarını vaxtında təqdim etməmişlər. Belə halların qarşısının alınması məqsədi ilə bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana mütləq təqdim olunan bələdiyyə aktlarının surətlərinin vaxtında təqdim edilməməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 517 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmiş və müvafiq qərarlar qəbul olunmuşdur.
İnzibati nəzarətin həyata keçirilməsi nəticəsində 28 bələdiyyənin fəaliyyətində ciddi qanun pozuntuları aşkar edilərək toplanmış materiallar hüquqi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmiş, onlardan 15 material üzrə cinayət işi başlanmış, 4 material üzrə istintaq yekunlaşaraq müvafiq məhkəmələrə göndərilmiş, digərləri isə baxılmaqdadır.
Ədliyyə Nazirliyinin iş planlarına, kollegiya qərarlarına uyğun olaraq bələdiyyələrdə mədən və torpaq vergisinin toplanması vəziyyəti, hərrac və müsabiqə qaydalarına əməl olunması məsələləri təhlil edilmiş, bələdiyyələrin fəaliyyətində yol verilmiş hüquq pozuntuları ilə bağlı ümumiləşdirmə aparılmışdır. Aparılmış təhlil və ümumiləşdirmələr nəticəsində bələdiyyələrin fəaliyyətində aşağıdakı hüquq pozuntularının xarakterik olması müəyyən edilmişdir:
-    satışı qadağan olunan torpaq sahələrinin (kənd təsərrüfatına yararlı torpaqlar, yerli əhalinin ümumi istifadəsində olan örüş torpaqları, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri, xüsusi mühafizə zonasında yerləşən torpaqlar) xüsusi mülkiyyətə verilməsi;
-    torpaq sahələrinin qanunsuz icarəyə verilməsi;
-    müvafiq icra hakimiyyəti orqanlarının rəyləri alınmadan torpaq ayrılması;
-    hərrac və ya müsabiqədənkənar qanunsuz torpaq satışı;
-    bələdiyyənin maliyyə-təsərrüfat sənədlərinin gizlədilməsi və məhv edilməsi;
-    vəzifə səlahiyyətlərindən sui-istifadə edilməsi nəticəsində bələdiyyə büdcəsinə ziyan vurulması;
-   icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi;
-    demokratik idarəçilik qaydalarının pozulması;
-    kargüzarlıq işinin düzgün qurulmaması;
-    bələdiyyə aktlarının qanunun tələblərinə uyğun tərtib olunmaması və sair.
Bununla əlaqədar ayrı-ayrı bələdiyyələrə müxtəlif məsələləri əhatə edən 3917 tövsiyə verilmişdir.
Bir sıra bələdiyyələrə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin verilməməsi də narahatlıq yaradır. Belə ki, mövcud 1718 bələdiyyədən yalnız 1128-nə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilmiş, yerquruluşu işləri isə indiyədək yalnız 1454 bələdiyyənin torpaqlarında aparılmışdır. Bununla bağlı aidiyyəti dövlət orqanlarına müraciət edilmişdir.
Yerli özünüidarəetmənin inkişafı yönündə Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresi və digər beynəlxalq təşkilatlarla əməkdaşlıq davam etdirilmişdir. Konqresin monitorinq qrupu 2–5 aprel 2012-ci il tarixdə ölkəmizdə səfərdə olmuş, aidiyyəti dövlət orqanlarının, o cümlədən Ədliyyə Nazirliyinin rəhbərliyi tərəfindən qəbul edilmiş, onları maraqlandıran suallar cavablandırılmış, eyni zamanda, monitorinq qrupunun məruzəsinin və konqresin qətnamə və tövsiyələrinin layihələrinə rəy və təkliflər verilmiş, onların bəziləri nəzərə alınmışdır.
2012-ci il oktyabrın 17-də konqresin plenar sessiyasında Azərbaycanla bağlı monitorinq hesabatı və onun əsasında hazırlanmış qətnamə və tövsiyə layihəsinə dair müzakirələr aparılmış və 345 saylı qətnamə və 326 saylı tövsiyə qəbul edilmişdir. Yerli özünüidarəetmənin, yerli demokratiyanın inkişafı, bələdiyyələrin fəaliyyətini “Yerli özünüidarə haqqında” Avropa Xartiyasına, konqresin 2003-cü il və 2012-ci il tarixli tövsiyələrinə uyğunlaşdırmaq məqsədi ilə görülmüş işlər Ədliyyə Nazirliyi tərəfindən təhlil edilmiş, müvafiq təkliflər paketi hazırlanmış və baxılması üçün aidiyyəti orqanlara təqdim edilmişdir.
Avropa Şurasının Yerli və Regional Demokratiya üzrə Avropa Komitəsi ilə də ölkəmizin fəal əməkdaşlıq əlaqələri vardır. 2012-ci ilin noyabr ayında Strasburqda həmin qurumun növbəti 50-ci iclasında komitənin bürosuna rəqabət şəraitində keçirilmiş seçkilərdə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin nümayəndəsi komitənin büro üzvü seçilmisdir. Bu komitənin rəhbər heyətində ilk dəfə ölkəmizə belə bir etimadın göstərilməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən aparılan uğurlu siyasət nəticəsində dövlətimizin beynəlxalq imicinin artmasının daha bir təzahürüdür.
Türk Dünyası Bələdiyyələr Birliyinin İdarə Heyətində təmsil olunmaqla sıx əməkdaşlıq davam etdirilərək birliyin türkdilli dövlətlərdə təşkil etdiyi beynəlxalq tədbirlərdə iştirak edilmiş və Azərbaycan bələdiyyələri üçün Türkiyədə tədris, təcrübə keçmələri təşkil olunmuşdur.
Hörmətli millət vəkilləri, görülmüş işlərlə yanaşı, yerli özünüidarənin təkmilləşdirilməsi məqsədi ilə aşağıdakı məsələyə baxılması məqsədəuyğun olardı:
Daşınmaz əmlakın inventar dəyərinin müəyyən edilməsi inzibati xərclərin artmasına səbəb olduğundan bələdiyyələr fiziki şəxslərin əmlak vergisinin yığılmasında çətinliklərlə üzləşirlər. Buna görə də fiziki şəxslərin əmlak vergisinin hesablanması ilə bağlı qanunvericilikdə sadələşdirilmiş prosedur qaydalarının müəyyən edilməsini təklif edirik.
Yerli demokratiyanın, bələdiyyə institutunun inkişafı, yerli özünüidarəetmə sahəsində qanunvericiliyin möhkəmləndirilməsi və inzibati nəzarətin gücləndirilməsi bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, təşəkkür edirəm. Buyurun, əyləşin. İllik məruzənin müzakirəsinə başlayırıq. Hikmət müəllim, sualınız var idi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
H.Atayev. Sağ olun, Ziyafət müəllim. Mənim hörmətli Vilayət müəllimə konkret bir sualım var. Vaxtilə kooperativ ittifaqların obyektləri var idi. İndi o obyektlər insanlara satılıb. Satılandan sonra, sözsüz ki, obyektin altındakı torpağı almaq üçün bələdiyyəyə müraciət edirdilər. Bələdiyyə də o torpaqları bu insanlara satıb. Necə satıb? Özbaşına satmayıb. Bələdiyyə icra hakimiyyətinə müraciət edib, oradan rəy alıb ki, həqiqətən, bu torpaq bələdiyyə mülkiyyətinə aiddir. Ondan sonra da alğı-satqı gedib.
Bu gün tələb olunur ki, onlar yenidən dövlət torpağı kimi Dövlət Əmlak Komitəsindən alınsın. Mən istərdim, Vilayət müəllim izah etsin ki, bu nə qədər düzgündür. Yenə deyirəm, o vaxt bələdiyyə  torpağı özbaşına satmayıb, icra hakimiyyətinə müraciət edib və rəy alıbdır ki, həqiqətən, o torpaq bələdiyyə mülkiyyətindədir və alğı-satqı predmeti ola bilər. Xahiş edirəm, Vilayət müəllim bu suala konkret cavab versin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vilayət müəllim, yəqin, o suala sonra cavab verərsiniz. İndi çıxışlara başlayaq. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən, təbii ki, Ədliyyə Nazirliyi tərəfindən təqdim olunan bu sənədi müsbət qiymətləndirib dəstəkləyəcəyəm, çünki onlar qanunvericilikdə onlara verilən hüquqlara uyğun olaraq öz funksiyalarını yerinə yetiriblər.
Mən istərdim, bu sənədin sonuncu müddəası ilə bağlı fikirlərimi bildirim. Bu, xüsusilə də təkliflər hissəsi ilə bağlıdır. Yəni artıq Ədliyyə Nazirliyində də, müvafiq qurumlarda da, ölkədə də hər kəs anlayır ki, Azərbaycanda bələdiyyə institutu mahiyyəti üzrə yaradılmadı. Mahiyyəti üzrə yaradılmadığına görə də əlavə bir struktur olaraq heç bir funksiyası olmayan, heç kimə lazım olmayan bir qurum olaraq mövcuddur. Onlara büdcədən 5 milyon manat pul ayrılır. Bu da heç bir bələdiyyənin qalxmasına, inkişafına xidmət etmir.
Məruzədə qeyd olunub ki, xarici ölkələrin bələdiyyələri ilə əməkdaşlıq. Nə əməkdaşlıq edəcək? Tutaq ki, Azərbaycanın ən varlı, ən zəngin bələdiyyəsi Türkiyənin bir ilçəsinin bələdiyyəsi ilə müqavilə bağladı. Onun büdcəsində 20, 30 milyon vəsait olacaq. Bizim bələdiyyənin büdcəsində isə öz işçilərinə verə biləcək maaş qədər vəsait yoxdur.
Siz bilmirsiniz ki, bələdiyyələrin 30–40 min əmək haqqı borcları var. Öz işçilərinə verə biləcək vəsaitləri belə yoxdur. İndi bələdiyyənin bir funksiyası qalıb, o da torpaq vergisidir. Orada nə yığa bilirlərsə, onun bir qismini bələdiyyə sədri öz cibinə qoyur, digər qismini də işçilərin maaşına verir. Beləliklə də, xırda bir qrup özünü dolandırır. Qalan məsələlərin hamısını icra hakimiyyəti həll edir. Burada da bildirilir ki, torpaq alğı-satqısında, filanda icra hakimiyyətinin rəyinin nəzərə alınmaması. İcra hakimiyyətinin rəyini bələdiyyə nəzərə almaya bilər? Yəni faktik olaraq bələdiyyənin rəyi, bələdiyyənin qərarı deyilən bir anlayış yoxdur.
Mən o gün Prezidentin çıxışını diqqətlə dinlədim, həqiqətən də, cəmiyyəti narahat edən ciddi bir problemə toxundu. Mən hesab etmirəm ki, məmurun qudurğanlığı təkcə onun özünün xarakterindən irəli gələn məsələdir. Bu bir az idarəetmə sistemindən gələn məsələdir. Faktiki olaraq ikihakimiyyətlilik var. Yerli özünüidarə deyilən anlayış yoxdur. Bələdiyyə heç özünü idarə edə bilmir. Bu hüquq, səlahiyyət yoxdursa, o nə etməlidir? Məncə, bunun üzərində düşünməyimiz lazımdır. Tam cəsarətli formada olmasa da, ən azı 5–6 ciddi təklif verilməlidir ki, Milli Məclis, ölkə rəhbəri – hamı düşünsün ki, nəhayət, bu qurumu qaldırmaq lazımdır. Axı, yerlərdə ən xırda məişət problemlərinin həlli bu qurumun üzərinə yüklənsə, dövlətin yükü azalacaqdır. Niyə bundan imtina edirik? Siz diqqət edin ki, bütövlükdə bələdiyyələrin ən böyük problemlərindən biri xəritə ilə bağlıdır. Neçə ildir, Azərbaycanda bələdiyyə yaranıb, amma heç birinin əlində ərazinin, torpağın xəritəsi yoxdur. Kim hara nə verəcək, nə alacaq, bilinmir. Torpağı verəndən sonra deyirlər ki, bu, Dövlət Neft Şirkətinin, yaxud da başqa dövlət orqanının ərazisidir, oranın bələdiyyə mülkiyyətinə dəxli yoxdur. Yəni idarəçilikdə belə bir qarışıqlıq olarmı?
İllərdir, bələdiyyə müstəqil şəkildə nə hərrac keçirə, nə torpağı icarəyə verə, nə də reklam məşğul ola bilir ki, bəlli bir gəliri olsun. Öz ərazisində dayanacaq, nəqliyyat məsələsini belə həll etmək ixtiyarına sahib deyil. Baxın, metroya qədər işləyən onlarca avtobus xətdən çıxarıldı. Bələdiyyəyə müraciət edirsən, deyir ki, bizlik deyil. Nəqliyyat Nazirliyinə müraciət edirsən, deyir ki, baxarıq. Getdi, məsələ uzandı. Vətəndaş millət vəkilindən soruşur ki, yaxşı, mən evdən metroya hansı marşrutla gedim? Ölkədə alternativ bir marşrut qalmayıb, bütün tramvay, trolleybus xətləri ləğv olundu. Bir metrodur, hamı bir-birinə söykənərək, nəfəs almadan getməkdən başqa yol tapa bilmir. Yəni bu barədə artıq düşünülməlidir. Bilirsiniz, ölkədə müəyyən bir problemlər olanda aşağı səviyyədə vətəndaşın vəziyyəti yüngülləşməyincə dövlətin yükü azalmayacaqdır.
1718 bələdiyyədən danışanda onların cəzalandırılması, nə qədərinin maarifləndirilməsi qeyd olunur. Olsun, bunlar normal, yəni funksional fəaliyyətdir. Ədliyyə Nazirliyi bunu görür. Artıq təkliflər ölkə rəhbərliyinə cəsarətli şəkildə verilsin, Milli Məclisə qanun layihəsi formasında təqdim olunsun ki, biz ya bələdiyyələrə status verək, ya da onları ləğv edək. Mən, əslində, bugünkü formatda yerli özünüidarə deyilən bir institutun ləğvinin tərəfdarıyam, çünki bu, idarəçilikdə bürokratik əngəllər yaradır. Bir icra hakimiyyəti olsun, hamı getsin, nəyi alırsa, nəyi verirsə, orada həll etsin. Bu qurumu Avropaya göstərmək üçün ediriksə, Avropa görür ki, bu təsisat yoxdur da. Hansı ağıllı avropalı Azərbaycanda bələdiyyənin mövcudluğunu görə bilər? Vilayət müəllim, mənim Sizə hörmətim var, təklif edirəm ki, bu sənədlərdə 6–7 ciddi təklif verin. Yaxşı, biz bu əmlakın dəyərləndirilməsini, digər məsələləri qəbul etdik, bununla bələdiyyə düzələcək, inkişaf edəcək? Ona görə də bu məsələlərə ciddi yanaşmaq gərəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni diqqətlə nəzərdən keçirdim və əsasən, bəyəndiyimi bildirmək istəyirəm. Məruzədən göründüyü kimi, dövlət səviyyəsində bir çox mühüm milli fəaliyyət proqramları, qanunvericilik aktları qəbul edilmiş, yerli özünüidarəetmə orqanlarının işini yaxşılaşdırmaq məqsədi ilə bir sıra mühüm və təqdirəlayiq dəyişikliklər edilmişdir.
Sözsüz ki, son illərdə yerli özünüidarəetmə orqanlarına diqqət xeyli artırılıb. Onların maliyyə imkanları yüksəlir, işlərində şəffaflığın təmin edilməsi, nöqsanların aradan qaldırılması üçün tədbirlər görülür. Mən, xüsusən bələdiyyə üzvlərinin hüquqi maarifləndirilməsi baxımından dövlət tərəfindən həyata keçirilən müxtəlif tədbirləri, seminarları, görüşləri, televiziya ekranlarındakı çıxışları və sairi yüksək dəyərləndirirəm.
Məruzədən göründüyü kimi, bələdiyyələrlə dövlət orqanları arasında əməkdaşlıq ilbəil gücləndirilir. Bələdiyyə orqanlarının rəhbərləri ilə dövlət orqanları arasında mütəmadi görüşlər keçirilir. Təklif edərdim ki, 2013-cü ildə iri bələdiyyələrin rəhbərləri ilə Milli Məclis üzvləri arasında belə görüşlər təşkil edilsin, çünki seçicilərdən bələdiyyələrin fəaliyyəti ilə bağlı müxtəlif və çoxsaylı müraciətlər alırıq. Son illər müraciətlərin sayı azalsa da, şikayətlər hələ də mövcuddur. Xüsusən də torpaqların qanunsuz verilməsi, satılması, həmçinin bələdiyyələrin ictimai həyatda, təmir, tikinti, abadlıq, imkansız ailələrə kömək və sair işlərində fəaliyyətsizliyi ilə bağlı şikayətlər daxil olur. Buna görə yaxşı olardı ki, belə seminarlara dövlət qulluqçuları ilə yanaşı, millət vəkillərini də dəvət etsinlər, biz də bələdiyyə üzvlərinə bir sıra suallar ünvanlayaq, tövsiyələrimizi verək.
Göründüyü kimi, 2012-ci ildə şikayətlərin sayı xeyli, 31 faiz azalıb. Bu bir tərəfdən torpaq-kəndli münasibətlərinin tənzimlənməsi, digər tərəfdən dövlət tərəfindən nəzarətin güclənməsi, bələdiyyələrin işində şəffaflığın artması ilə bağlıdır. Əlbəttə ki, görülən bütün bu tədbirlər müsbət dəyişikliyə səbəb olur. Mən yenə də o qənaətdəyəm ki, əhali mədən, torpaq vergisini tam formada ödəməyə hazır olmadıqca müəyyən problemlər qalacaq. Odur ki, bələdiyyə ilə yanaşı, əhali arasında da maarifləndirmə işləri aparılmalıdır.
Torpaqda çalışan bəzi insanlar hələ də bilmək istəmirlər ki, torpaqlar artıq müsabiqə və hərracla satılır. Bizə gələn müraciətlərin təhlili göstərir ki, kənd əhalisi bələdiyyə-cəmiyyət münasibətlərini, torpaq alğı-satqısını və hərracın yeni qaydalarını zəif bilirlər. Bu və ya digər şikayətçi yazır ki, məsələn, bələdiyyə torpağa görə bizdən pul istəyir. Göründüyü kimi, onların şikayəti reallığı əks etdirmir. Təklif edərdim ki, torpaq-kəndli münasibətləri mövzusunda əhali ilə görüşlər, dəyirmi masalar, seminarlar keçirilməsi də bələdiyyələrin iş planlarına daxil edilsin. Fermer təsərrüfatlarımızın rəhbərlərinə, kənd əhalisinə kənd təsərrüfatı sahəsində qanunvericiliklə bağlı mütəmadi şəkildə məlumat verilməlidir. Mən hörmətli Fazil Mustafa ilə tam razıyam ki, bələdiyyə mütləq əlavə gəlir mənbəyinə sahib olmalıdır ki, müəyyən məsələlərdə dövlətin yükü azalsın.
2012–2015-ci illər üçün bir sıra milli fəaliyyət planlarında yerli özünüidarəetmənin inkişafına önəmli yer verilir. Bələdiyyə aparatında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi, bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanması bir vəzifə kimi qarşıya qoyulub. Hörmətli məruzəçidən xahiş edirəm, aydınlıq gətirsin, bu iki mühüm tədbirin reallaşması hansı mərhələdədir? Məsələn, hazırda bələdiyyə aparatında qulluğa qəbul necə keçirilir və hansı vaxtdan etibarən müsabiqə yolu ilə işə qəbul başlanacaqdır? Bələdiyyələrin işinin düzgün təşkili, vətəndaşlarla düzgün münasibət qurması onun əhalinin bir sıra mühüm işlərində – torpaq islahatları, abadlıq və sair işlərdə daha ciddi rol oynamasına səbəb olacaqdır. Mən o qənaətdəyəm ki, bələdiyyələrin rolunun artması vətəndaş cəmiyyətinin inkişafı deməkdir. Ona görə hər birimiz çalışmalıyıq ki, dövlət tərəfindən bələdiyyələrlə bağlı həyata keçirilən tədbirlərə dəstək olaq, özünüidarəetmə orqanlarının Azərbaycan cəmiyyətində rolunun artmasına köməklik göstərək. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir


Sədrlik edən. Sağ olun, Elmira xanım. Əli Məsimli.
Ə.Məsimli. Hörmətli sədarət, hörməti millət vəkilləri, xanımlar və cənablar! Hörmətli Vilayət müəllimin təqdim etdiyi məruzədən göründü ki, bələdiyyələrin fəaliyyəti kifayət qədər əhatəli götürülmüş, ötən il bələdiyyələrin fəaliyyətində olan çatışmazlıqlar sistemləşdirilmişdir. Bəzi sahələrdə qanun pozuntularının qarşısının alınması istiqamətində zəruri addımlar atılmış, kadr hazırlığı, biliklərin artırılması və sair istiqamətdə zəruri işlər görülmüşdür. Ona görə də mən bu məruzəni bəyənirəm, təqdir edirəm və millət vəkillərini buna səs verməyə çağırıram.
Burada deyilənlərin ruhuna uyğun olaraq, bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi və səmərəliliyin artırılması istiqamətində bir sıra zəruri təkliflər irəli sürmək istərdim. Birinci, “Azərbaycan–2020: gələcəyə baxış” İnkişaf konsepsiyasının reallaşdırılması ruhuna uyğun surətdə “Azərbaycanda 2020-ci ilə qədər olan dövrdə bələdiyyələrin inkişafının əsas istiqamətləri və perspektivləri” adlı bir proqram hazırlansın və sistemli şəkildə həyata keçirilsin.
İkinci, bələdiyyələrin statusunun, səlahiyyətlərinin artırılması istiqamətində qanunvericilikdə müəyyən dəyişiklik edilsin və buna sistem xarakteri verilsin. Bələdiyyələrin statusu və səlahiyyətləri Yerli özünüidarə haqqında Avropa Xartiyasının əsas müddəalarının ruhuna uyğunlaşdırılması istiqamətində real addımlar atılsın və orada göstərildiyi kimi, bələdiyyələrə tam və müstəsna səlahiyyətlərin verilməsi işində irəliləyişə nail olmaqdan ötrü hazır bələdiyyələrin timsalında pilot layihələr hazırlansın və həyata keçirilməyə başlansın.
Üçüncü, ötən il dövlət büdcəsindən bələdiyyələrə ayrılan vəsait müəyyən dərəcədə artsa da, 5 milyon manata çatsa da, bunu əhalinin sayına böldükdə qəpiklər alınır. Bütövlükdə bələdiyyənin gəlirlərini əhalinin sayına böldükdə bir neçə manat alınır. Bu vəsaitlə, təbii ki, bələdiyyələrin fəaliyyətinin səmərəliyini artırmaq, normal iş görmək qeyri-mümkündür. Ona görə də bələdiyyələrə dövlət dəstəyinin artırılması, vergi sistemində təkmilləşdirilmələrin həyata keçirilməsi, bir sıra müvafiq dövlət sifarişlərinin bələdiyyələrə verilməsi, bələdiyyələrin birgə fəaliyyətini təmin edən layihələrin beynəlxalq təşkilatların hesabına maliyyələşdirilməsi ilə xeyli dərəcədə bələdiyyələrin maliyyəsini artırmaq olar.
Dördüncü, bələdiyyələrin 10 ildən artıq fəaliyyət göstərməsinə baxmayaraq, 1718 bələdiyyədən 590-nın, yaxud da hər üç bələdiyyədən birinin hələ də torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədi yoxdur. Hər 6 bələdiyyədən birinin isə xəritəsi yoxdur. Bu həm vergi tutulmasında, həm bələdiyyə torpaqlarından istifadənin səmərəliyinin artırılmasında, həm də əhali ilə bələdiyyələr arasında münasibətlərdə müəyyən problemlər yaradır. Ona görə də torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənədlərin, eyni zamanda, yer quruluşu işlərinin yerdə qalan bələdiyyələrə də şamil edilməsi istiqamətində işlərin sürətləndirilməsini təklif edirik.
Bələdiyyələrin fəaliyyəti üzrə ixtisaslaşmış, savadlı insanlardan ibarət xeyli dərəcədə qeyri-hökumət təşkilatları formalaşıb. Onlar obyektiv surətdə bələdiyyələrin fəaliyyətini təhlil edir və çox səmərəli təkliflər irəli sürürlər. Təklif edərdim ki, həmin qeyri-hökumət təşkilatlarının nümayəndələri, heç olmasa, komitələrin iclaslarına dəvət edilsin, onların da təklifləri dinlənilsin. Yaxşı olar ki, nazirlik də onların təkliflərini diqqətə alsın. Bələdiyyələrin illik hesabatı zamanı həmin təkliflərdən də istifadə edilməsi işin xeyrinə olar.
Altıncı, son illər həyata keçirilən islahatlar çərçivəsində bələdiyyələrin sayı xeyli azalıb, 1718-ə çatdırılsa da, Azərbaycan kimi 9 milyonluq əhalisi olan bir ölkə üçün çoxdur. Ona görə də islahatların dərinləşdirilməsi və bələdiyyələrin sayının optimallaşdırılması istiqamətində işlərin davam etdirilməsini zəruri hesab edirik.
Məruzədə bələdiyyələrin işindəki çatışmazlıqlara dair kifayət qədər məlumatlar var. Həmin məlumatların içərisində kadr potensialından istifadənin gücləndirilməsini tələb edən məlumatlar daha çox diqqəti cəlb edir. Əgər dərindən təhlil aparsaq, görərik ki, bələdiyyələrin işindəki nöqsanların xeyli hissəsi kadrların bir hissəsinin təcrübəsiz olması, kargüzarlıq, mühasibat və sair sahədə buraxılan səhvlər, çatışmazlıqlarla bağlıdır. Ona görə də həm ölkə daxilində, həm də xaricdə bələdiyyə işçilərinin biliklərinin artırılması istiqamətində işlərin genişləndirilməsini zəruri hesab edirik.
Eyni zamanda, bələdiyyə birliklərinin işi bələdiyyələrin fəaliyyətinin səmərəliyinin artırılması üçün çox zəruridir. Amma təhlil aparılsa, görərik ki, bələdiyyələrin işinin səmərəliyinin artırılmasında çox böyük potensiala malik olan bələdiyyə birliklərinin işi hələlik yetərli səviyyədə qurulmayıb. Ona görə də bələdiyyə birliklərinin, ümumiyyətlə, bələdiyyə təsisatının fəaliyyətinin səmərəliyinin artırılması mexanizminin yaradılması istiqamətində təcili tədbirlərin görülməsini vacib hesab edirik.
Bir də, artıq zamanı çatıb, müəyyən dərəcədə sənədlərin hazırlanması hesabına Bakı böyük şəhər bələdiyyəsinin və ola bilər ki, digər böyük şəhərlərdə də böyük şəhər bələdiyyələrinin yaradılması istiqamətində addımların atılması Azərbaycanda bələdiyyə təsisatının, yerli demokratiyanın inkişaf etdirilməsində irəliyə doğru çox sanballı addım olar. Yenə təkrar edirəm, məruzəni bəyənirəm. Məruzə yüksək səviyyədə hazırlanıb, deputat həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli millət vəkilləri! Ölkəmizdə demokratiyanı genişləndirmək, vətəndaş quruculuğunu sürətləndirmək dövlət siyasətinin tərkib hissəsidir. Bir demokratik təsisat olaraq bələdiyyələrə son illərdə göstərilən qayğı və diqqət də bu siyasətin ardıcıl surətdə həyata keçirildiyini göstərir. Bu yaxınlarda hörmətli Prezidentimiz bir neçə bələdiyyə fəalını dövlətin yüksək mükafatları ilə təltif etdi, bir çoxları digər mükafatlarla mükafatlandırıldılar. Bu bir daha onu göstərir ki, ölkədə yerli özünüidarəetməyə diqqət böyükdür və onun gündən-günə inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Son illərdə ölkədə yerli özünüidarəetməni təkmilləşdirmək, bələdiyyə institutunu formalaşdırmaq, maarifləndirmə tədbirlərini genişləndirmək sahəsində Ədliyyə Nazirliyi və o cümlədən bələdiyyələrlə iş mərkəzi tərəfindən çox böyük tədbirlər həyata keçirilibdir. Bu, məruzədə geniş əksini tapıb. Buna qayıtmaq istəmirəm.
İllik məruzə bizim komitədə də geniş müzakirə olunub. Orada nəinki komitə üzvləri, eləcə də bələdiyyə qurumlarının fəalları, milli assosiasiyaların, Ədliyyə Nazirliyinin nümayəndələri iştirak ediblər. Biz komitədə bu mövzuda keçirilən müzakirələrə mütəxəssisləri, bələdiyyə məsələləri ilə məşğul olan müəyyən insanları dəvət edirik. Bu insanlar nəinki komitənin iclaslarında, yerlərdə müntəzəm olaraq keçirilən tədbirlərdə də iştirak edirlər.
Çox yaxşı haldır ki, bələdiyyə institutunun təkmilləşdirilməsinə diqqət artır. Bu bizim son zamanlar qəbul etdiyimiz qanunda da, müvafiq qanunlara edilən əlavə və dəyişikliklərdə də öz əksini tapır. Ancaq bələdiyyə yeni bir qurumdur. Ona hamı, hər birimiz kömək etməliyik, çünki o bizə daha yaxındır. Yerli əhəmiyyətli sosial-iqtisadi məsələləri bilavasitə bələdiyyələr həyata keçirirlər.
Mən istəməzdim ki, bələdiyyələr bu qədər tənqid olunsunlar. Düzdür, hamı eyni cür düşünməyə, hərənin bir fikri ola bilər. Ancaq bu institutla daha yaxından tanış olduğuma və bilavasitə bu işlərin içində olduğuna görə mən bu fikirlərin çoxunun əleyhinəyəm. Ona görə ki, bu gün ölkədə yaxşı bələdiyyələr çoxdur. Onların maliyyə vəsaiti də yerindədir və onlar ölkədə gedən sosial-iqtisadi quruculuq işlərində yaxından iştirak edirlər. Bu gün hesabında yüz min manatlarla vəsait olan bələdiyyələr var ki, bir çox köklü məsələlərin həyata keçirilməsində yaxından iştirak edirlər. Ona görə də hər bir nöqsanı bələdiyyənin üzərinə yıxmağı mən qəbul etmirəm.
Bu gün ölkədə qəbul olunmuş bir çox qanunvericilik aktları ilə bələdiyyələrə müəyyən hüquqlar, vəzifələr şamil olunur və onlar bu istiqamətə yönəldilirsə, elə bilirəm ki, bu bir diqqətdir. Misal üçün, hörmətli Prezidentimiz “Sosial xidmət haqqında” Qanunla əlaqədar sosial xidmət sahəsində dövlət sifarişlərinin bələdiyyələrə verilməsi haqqında fərman verdi. Sonra Nazirlər Kabineti bununla əlaqədar geniş bir qərar hazırladı. Digər tərəfdən, “Təhsil haqqında”, “Şəhərsalma və tikinti haqqında”, “Bədən tərbiyəsi və idman haqqında” qanunlarda bələdiyyələrə müəyyən hüquq və səlahiyyətlər verilir. Bunları inkar etmək olmaz.
Əlbəttə, bir çox bələdiyyələr qanunları bilmədiklərindən onlara əməl etmir və bunun nəticəsində öz vəzifələrini tam yerinə yetirə bilmirlər. Ancaq bunu bütün yerli özünüidarəetmə orqanlarına şamil etmək və onları aşağılamaq, elə bilirəm ki, düzgün deyil. Biz yaxşı bələdiyyələrin işini təbliğ etməliyik. Çünki bu, xarici təcrübədə də var.
İndi bizdə bir çoxları deyirlər ki, Azərbaycanda bələdiyyələrə nəzarət yüksəkdir və xaricdə belə deyil. Halbuki bu gün bələdiyyələrin fəaliyyətinə nəzarət edən nazirlik və ya komitələrin olduğu xarici ölkələr də var. Əlbəttə, bu çox düzgün yoldur. Çünki bu, dövlətin öz qurumuna – yerli idarəetmə orqanına nəzarətini həyata keçirmək üçün vacibdir.
Əlbəttə, mən istərdim ki, biz yaxşı bələdiyyələrin işini geniş təbliğ edək. Burada mənim bir xahişim var. Əvvəllər, yəni bələdiyyələr yaranarkən Azərbaycan televiziyasında “Bələdiyyə həyatı” verilişi var idi. Bu proqram ayda bir dəfə, iki dəfə efirə çıxır, həm yaxşı işləri, həm də nöqsan cəhətləri açıb göstərirdi. Elə bilirəm ki, indi bu proqramın bərpa olunması çox vacibdir.
Mən Ədliyyə Nazirliyinin bu hesabatını məqbul hesab edirəm. Burada daha çox nöqsanlara və gələcəkdə həyata keçiriləcək tədbirlərə yer verilib, çünki bu bizim gələcəyimiz üçün lazımdır. Mən bunu məqbul hesab edirəm və həmin məruzənin lehinə səs verəcəyəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir


Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar! Mən də təqdim olunmuş məruzəyə həm diqqətlə qulaq asdım, həm də oxuyaraq onunla tanış oldum. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzələri, həqiqətən, artıq 10 ilə yaxındır ki, Milli Məclisdə dinlənilir. Diqqətlə fikir verdikdə görürük ki, bu orqanın işi həm çox fəallaşıb, həm də səmərəli olub. İndiki hesabat ötən illərdəki hesabatlardan daha təkmildir. Ona görə mən bu hesabatı hazırlayanlara minnətdarlığımı bildirirəm.
Azərbaycanda bələdiyyə institutu çox cavandır. Təxminən, 10 ildir fəaliyyət göstərən Azərbaycan bələdiyyələrini başqa ölkələrin zəngin tarixə malik olan bələdiyyələri ilə müqayisə etmək, mənə elə gəlir ki, etik cəhətdən bir qədər düzgün deyil.
Məruzədən görünür ki, bələdiyyələrin fəaliyyətinin yaxşılaşdırılması, xüsusilə də ictimai şüurun formalaşdırılması, maarifləndirmə və digər sahələrdə çox işlər görülür. Hesabatda müəyyən çatışmazlıqlar, uyğunsuzluqlar da göstərilib. Amma burada seminarların keçirilməsi barədə verilən məlumat məni xüsusilə maraqlandırdı. Bu, həm bələdiyyə üzvlərinin, həm də kənd əhalisi və ümumən bələdiyyə qurumu olan yerlərin əhalisinin maarifləndirilməsi üçün faydalıdır. Bu seminarlar arasında hətta beynəlxalq səviyyəli, xüsusilə də qardaş Türkiyə Respublikasının bələdiyyələri ilə birlikdə keçirilən seminarların olması çox sevindiricidir.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Bələdiyyələrin maliyyələşdirilməsi üçün ayrılan 5 milyon manat, məncə də, onların tam şəkildə fəaliyyət göstərməsi üçün kifayət deyil. Burada bununla bağlı bəzi təkliflər səsləndi. Görünür, həqiqətən, bələdiyyələrin büdcəsinin formalaşması üçün əlavə yollar axtarmaq lazımdır.
Məruzə faktlar üzərində qurulub. Bu da çox təqdirəlayiq haldır. Mən bu məruzəni bəyənirəm və onun lehinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən də məruzəyə səs verəcəyəm. Amma bir şeyi qeyd etmək istəyirəm. Biz bələdiyyələrlə bağlı məsələləri Milli Məclisdə dəfələrlə müzakirə edir, onların hesabatlarını dinləyirik. Hər zaman da burada söyləyirik ki, bələdiyyələr artıq 1999-cu ildən fəaliyyət göstərirlər və kifayət qədər təcrübə toplayıblar. Amma bu qurumun səlahiyyətləri yetərincə deyil. Ona görə bunlardan çox şey gözləməyə də dəyməz. Biz mütləq islahatlar aparmalıyıq. Bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.
İlkin dövrdə bələdiyyələr yaradılanda biz hamımız söylədik ki, bu qurum yeni yaradılır və ona birdən-birə böyük səlahiyyətlər vermək olmaz. Amma illər keçir, bələdiyyələrin səlahiyyətləri artırılmır.
Axırıncı müşavirədə cənab Prezidentin özü də yerli icra hakimiyyəti və bəzi mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini kəskin tənqid etdi. Onun dedikləri camaatın sanki ürəyindən keçən və çoxdan gözlədiyi fikirlər idi. İnsanlar bu çıxışdan xeyli dərəcədə bir daxili rahatlıq tapıblar və çox böyük ümidlərlə gözləyirlər ki, doğrudan da, bu sahədə vəziyyət dəyişəcək. Amma sözün doğrusu, əgər bunun arxasınca islahatlara söykənən bir yanaşma olmayacaqsa… Bir şəxsə kifayət qədər böyük səlahiyyətlər veriləndə, rayonlarda icra hakimiyyətinin başçısına həm polis rəisləri, həm prokuror, həm məhkəmə, həm Milli Təhlükəsizlik Nazirliyinin yerli şöbələri, bütün nazirliklərin şöbələri tabe etdiriləndə… Belə olduğu halda…
Mən burada bütün icra başçılarının üzərinə kölgə salmaq istəmirəm. Onların arasında çox ləyaqətli və öz vəzifəsini layiqli yerinə yetirən insanlar var. Amma bəzi hallarda, çox təəssüf ki, bu səlahiyyətlərdən düzgün istifadə olunmur və bu da haqlı narazılıqlara gətirib çıxarır. Ona görə də icra hakimiyyətlərinin səlahiyyətləri məhdudlaşdırılmalı və bələdiyyələrin səlahiyyətləri genişləndirilməlidir.
İndi bir çox strukturlar var ki, həm icra hakimiyyətində, həm də bələdiyyələrdə mövcuddur. Yəni bir-birini təkrarlayan strukturlar var. Mən dəfələrlə bu məsələni qaldırıram. Çox təəssüf ki, hökumət bu islahatların aparılmasında hələ o qədər də həvəsli görünmür. Amma mən düşünürəm ki, biz gecikirik və bu islahatların aparılmasının vaxtı çoxdan çatıb.
Bələdiyyələrə 5 yox, 20 milyon vəsait ayrılsa da, bu sahədə vəziyyət dəyişməyəcək. Ona görə ki, yerlərdə problemlərin həlli üçün 20 milyon da elə böyük bir vəsait deyil. Ondan yüz qat artığını Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Bakı şəhərində xərcləyir və bir çox hallarda o vəsaitdən səmərəli istifadə olunmur. Ona görə ki, Bakı şəhərinin böyük bələdiyyəsi yoxdur, bunun üzərində ictimai nəzarət yoxdur, şəffaflıq yoxdur. Onun üçün mən düşünürəm ki, artıq struktur islahatları aparmağın zamanı gəlib çatıb və bir daha bu tribunadan bunun zəruriliyini vurğulayıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Azərbaycanda yerli özünüidarəetmə sistemi ümummilli liderin xeyir-duası ilə 1999-cu ildə yaradılmış və bu illər ərzində bələdiyyə ölkəmizin sosial-iqtisadi həyatında əhəmiyyətli rolu olan bir təşkilata çevrilmişdir. Keçən dövr ərzində bu sahədə qanunvericilik bazası da təkmilləşdirilmiş, bələdiyyələrin hərtərəfli, sərbəst yerli özünüidarə sistemi şəklində təşkil edilməsi üçün geniş şərait yaradılmışdır. Bələdiyyə sisteminin hərtərəfli inkişafı üçün hər il dotasiyaların ayrılması ona dövlət dəstəyinin bariz nümunəsidir.
Hər bir təşkilatda olduğu kimi, bələdiyyələrdə də dövlət tərəfindən həm maarifləndirmə işləri aparılır, həm də inzibati nəzarət həyata keçirilir. Bu gün də biz həmin inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsini dinlədik. Məruzə geniş şəkildə tərtib edilmişdir. 2012-ci il ərzində bələdiyyələrlə aparılan maarifləndirmə işi və həyata keçirilən inzibati nəzarət tədbirləri haqqında ətraflı məlumat verildi. Müsbət haldır ki, 482 bələdiyyə üzvü və qulluqçusu təcrübə mübadiləsi üçün Türkiyəyə göndərilərək onların iş təcrübəsini öyrənmişdir. Yaxşı haldır ki, 2012-ci ildə maarifləndirmə işinə cəlb edilən bələdiyyə üzvü və qulluqçularının sayı 2011-ci ildə cəlb edilənlərdən 16,8 faiz çoxdur. Geniş şəkildə maarifləndirmə işlərinin aparılması öz müsbət nəticəsini vermiş və 2012-ci ildə qanun pozuntusu halları daha az qeydə alınmışdır.
Təmsil etdiyim Regional məsələlər komitəsinin üzvləri də, başda hörmətli Arif müəllim olmaqla, bələdiyyələrlə iş mərkəzi tərəfindən keçirilən maarifləndirmə işlərində yaxından iştirak etmişlər. Qəbul olunmuş təzə qanun və qərarlar haqqında bələdiyyələrə geniş məlumatlar verilmiş, diskussiyalar aparılmış, onları maraqlandıran suallar cavablandırılmışdır. Bu iş gələcəkdə də mütəmadi olaraq davam etdiriləcəkdir.
Müzakirə etdiyimiz məsələ bələdiyyələrlə bağlı olduğuna görə bələdiyyələrin işinin daha yaxşı təşkil edilməsi üçün iki təklif vermək istəyirəm və həmkarım Tahir Rzayevin təklifini dəstəkləyirəm.
Birincisi, Azərbaycanın televiziya kanallarında “Bələdiyyə günü” verilişi təşkil edilsin və bu verilişdə qabaqcıl bələdiyyə üzvlərinin, siyasətçilərin və millət vəkillərinin iştirakı ilə diskussiyalar keçirilsin. Mətbuat səhifələrində bələdiyyələrin fəaliyyəti ilə bağlı yazıların müntəzəm işıqlandırılması təşkil edilsin. Düşünürəm ki, belə proqramlar bələdiyyələrin daha da maarifləndirilməsinə böyük kömək olacaqdır. Həm də bu, bələdiyyələrə daha yaxşı işləmək, bir-birinin təcrübəsindən faydalanmaq və nöqsanları aradan qaldırmaq üçün bir stimul olardı. Qanunu yaxşı bilən insan daha məsuliyyətli olur və çalışır ki, qanun pozuntusu hallarına yol verməsin.
İkincisi, notariuslar mülkləri özgəninkiləşdirilən vətəndaşlardan bələdiyyəyə vergi borcunun olmaması haqqında arayış tələb etsinlər. Çünki vətəndaşların bələdiyyələrə illərlə yığılan vergi borcları qalır və mübahisələr yaranır.
Hörmətli millət vəkilləri, mən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın işini müsbət hesab edirəm. Məruzəyə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Azər müəllim. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də çox qısa qeydlərimi bölüşəcəyəm. Birinci növbədə deyim ki, bu qurumun fəaliyyətinə və hüquqi bazasının formalaşmasına aidiyyəti olan insanlar – hörmətli həmkarımız Arif Rəhimzadə, hörmətli Vilayət Zahirov, Mehdi Səlimzadə və başqaları dəyərli insanlardır və hər kəs də şahiddir ki, bu dövr ərzində belə bir strukturun formalaşması, xalqın həyatına bağlanması üçün onlar əllərindən gələni ediblər.
Ancaq çox açıq şəkildə söyləmək lazımdır ki, səlahiyyət məsələsi dünyanın hər yerində çox qovğalı bir problemdir. Keçmiş sovet dövründən qalmış müxtəlif səlahiyyətlərin başqa bir quruma verilməsini heç bir icra orqanı rahatlıqla, sakit qarşılaya bilməz. Ona görə də biz açıq şəkildə deməliyik ki, bu gün hansısa bələdiyyənin işinin yüksək səviyyədə olmasının, başqasının isə ondan geri qalmasının əsas səbəbi heç də o qurumda təmsil olunan şəxslərin əqli keyfiyyətləri, ali təhsili və bu işi hansı miqyasda təsəvvür etməsi ilə bağlı deyil. Sadəcə olaraq, biz bələdiyyələrə verdiyimiz səlahiyyətlərə uyğun işlər almışıq. Ona görə də bələdiyyə haqqında Azərbaycan cəmiyyətində dəqiq qərarlaşmış fikir var. Həqiqətən də, bu qurumlar, onlarda təmsil olunan insanlar bir sıra hallarda səlahiyyət problemindən əziyyət çəkirlər, icra orqanlarının ciddi təsiri və təzyiqi altındadırlar.
Bələdiyyələrə özü olmağa imkan vermək lazımdır. Bələdiyyənin başlıca fəlsəfəsi, ruhu nədən ibarətdir – xalq özünüidarəsini formalaşdırmaq, mərkəzdənqaçma tendensiyasını gücləndirmək və mərkəzi təsisatlardan vətəndaş idarəçiliyinə keçmək. Məncə, artıq bunun zamanıdır və biz qarşıdakı dövrdə məhz bu istiqamətdə addımlar atmalıyıq. Bu həm bələdiyyənin maliyyə mənbələrinin formalaşmasına imkan açacaq, – bu yöndə hörmətli Əli Məsimlinin çox dəyərli təklifləri oldu, – həm də mülkiyyət bölgüsü və digər problemlər öz həllini tapmış olacaq.
Zənn edirəm ki, bu, öz-özlüyündə başqa bir məsələni də aktuallaşdıracaq – bu qədər bələdiyyə üzvünə ehtiyac varmı, həqiqətənmi, bu, kollegiallıq yaradır, demokratizm doğurur? Mən düşünmürəm ki, 9 nəfərdən, yaxud 13–15 nəfərdən ibarət olan, guya kollegial olan və hər bir şəxsin iradəsi tanınan bir struktur daha işləkdir. Bu, yanlış yanaşmadır. Mən bələdiyyə üzvlərini daha az sayda təsəvvür edirəm və o fikirdəyəm ki, xalq özü bələdiyyə sədrini elə səsvermə dövründə seçməlidir. Bələdiyyə çox məhdud tərkibdən ibarət olmalıdır. Bu halda bələdiyyə struktur kimi formalaşmış olacaq və xalqın həyatında müəyyən rol oynayacaq. Bu yerdə artıq hansısa bir qurumun büdcəsinin yüz minlərlə ölçülməsi, o birininkinin isə heç manatlarla olmaması kimi qüsurlu praktikadan qurtulmuş olacağıq.
Bələdiyyələr səlahiyyətsizlikdən əziyyət çəkirlər. Onlar nə qədər gözləmə mövqeyində qalmalı olacaqlarını bilmirlər. Mənim fikrimcə, parlamentin üzərinə düşən vəzifə yerli özünüidarə təsisatını normal, səlahiyyətli, strukturlaşmış, xalq həyatında aktiv iştirak edən təşəbbüskar bir sistemə qovuşdurmaqdan ibarətdir. Mən bu mənada bu sənədə səs verəcəyəm. Amma gələcək dövrdə onları görmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mənim fikrimcə, hər kəsin burada çıxışlarında o fəlsəfə dayanır ki, yerli özünüidarəetmə daha da təkmilləşsin, ölkəmizə daha çox xeyir versin və hər kəs bu idarəetmədə daha çox iştirak etsin. Bələdiyyələr bu mənada ciddi rıçaqlardan biridir.
Mən də həmkarlarımın o fikri ilə razılaşıram ki, bələdiyyələrin səlahiyyətləri müəyyən qədər artırılmalı və bu artım yerli icra hakimiyyətlərinin səlahiyyətlərinin azaldılması hesabına olmalıdır. İcra hakimiyyətlərinin səlahiyyətlərinin, hüquqlarının bir hissəsinin bələdiyyələrə verilməsi, mən hesab edirəm, həm də böyük bir məsuliyyətin yerli özünü-idarəetmə sisteminə verilməsidir.
Hər bir ölkədə lokal sosial problemlər də olur. Bələdiyyələrə belə problemləri həll etmək səlahiyyətlərinin verilməsi iki cəhətdən çox mühümdür. Biri budur ki, yerdə lokal problemlər olanda bələdiyyələr özləri onların həlli ilə məşğul olur və bələdiyyə seçkili orqan olduğu üçün məsuliyyət də birbaşa onun üzərinə düşür. Yoxsa ölkənin hər hansı bir yerində lokal bir proses olan kimi onu dərhal dövlətin ən yüksək strukturları ilə bağlamaq iddiaları olur. Məncə, bu, doğru deyil.
Yerli əhalinin demokratik şəkildə bələdiyyə seçkilərinə getməsi, onu qazanması, yerli idarəçilikdə iştirak eləməsi bələdiyyələrə verilən səlahiyyətlərdən çox asılı olacaqdır. İnsanlar normal səlahiyyətləri olan orqanda olacaqlarsa, biləcəklər ki, yerli idarəetmədə iştirak etmək həm də hakimiyyətdə təmsil olunmaqdır. Onda hakimiyyəti məsuliyyətlə yükləməkdən, onun üzərinə getməkdən daha çox onu qorumaq yolunu tutacaqlar.
Açıq bildirmək lazımdır ki, bu gün bizim idarəetmə sistemində bir paralellik var. Təbii ki, icra hakimiyyətinin müəyyən səlahiyyətləri, hüquqları bələdiyyəyə veriləndə avtomatik olaraq bürokratik şişirmələr aradan qaldırılacaq və büdcədən ayrılan vəsaitlərə xeyli dərəcədə qənaət etmək imkanı olacaqdır.
Mühüm məsələlərdən biri də budur ki, kənardan Azərbaycana müdaxilə etmək istəyən qüvvələr insanların hakimiyyətdə təmsil olunmadığını iddia edib yerli özünüidarəetmə qurumlarını hakimiyyətin yuxarı, üst eşalonuna qarşı qoymaq cəhdlərindən əl çəkməli olacaqlar, çünki yerli özünüidarəetmə vasitəsi ilə hakimiyyətdə təmsil olunanlar bu hakimiyyətə daha çox sahib çıxacaqlar.
Mən hesab edirəm ki, sosial qruplarla işləmək, hər bir vətəndaşla təmasda olmaq üçün bələdiyyələr onların iradəsini hakimiyyətdə təmsil eləmək imkanına malik olmalıdır. Mən başqa detallara toxunmaq, təkrarçılıq eləmək istəmirəm. Hesab edirəm ki, optimal bir variant tapıb bu islahatlara getmək bizə ancaq uğur qazandırar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də məruzəni dinlədim. Hörmətli Vilayət müəllim onu çox yaxşı şəkildə təqdim etdi. Mən də buna səs verəcəyəm.
Bu müzakirələrin gedişində həmkarlarımızın bir çoxu bələdiyyələrin səlahiyyətləri ilə bağlı məsələlər qaldırır. Mən qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasında bələdiyyələrlə bağlı 20-dən artıq mükəmməl qanun var və orada bələdiyyələrə kifayət qədər səlahiyyətlər verilib. Bələdiyyə torpaqları, onların icarəyə verilməsi və sair məsələlər qanunvericilikdə tamamilə öz əksini tapıb. Qanunvericiliklə bələdiyyələrin kifayət qədər səlahiyyətləri mövcuddur. Sadəcə olaraq, praktikada bunun yerinə yetirilməsi formasında problemlər var.
Bəzi hallarda başqa-başqa ölkələrin bələdiyyə strukturları ilə bizimkini qarışdırır, bizim bələdiyyələri Türkiyə və ya Avropanın hansısa bir dövlətinin bələdiyyələri ilə müqayisə edirlər. Unudurlar ki, bizdə idarəetmə sistemi Prezident idarə üsuludur. Bu baxımdan yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri fəaliyyət göstərir və səlahiyyətlər bələdiyyələrlə bölünür. Lakin başqa-başqa ölkələrdə yerlərin idarə olunması bilavasitə bələdiyyəyə həvalə olunur. Ona görə də o ölkələrdəki bələdiyyələrin funksiyası ilə bizim ölkəmizdəki bələdiyyələrin funksiyaları tamamilə başqa-başqa şeylərdir. Biz bunu bir-biri ilə qarışdırmamalıyıq.
Növbəti il ölkəmizdə bələdiyyə seçkiləri ilidir. Mən hesab edirəm, ona qədər biz struktur baxımından müəyyən islahatlara getməliyik. Kiçik bir kənddə 8 nəfər, 10 nəfər bələdiyyə üzvü var. Onlar bir-birinə maneçilik törədir və imkan yaratmırlar ki, bələdiyyə öz büdcəsini formalaşdırsın, ixtiyarında olan ərazini düzgün idarə etsin. Başqa ölkələrdə belə deyil. Dünya praktikası var. Elə Türkiyədən nümunə göstərə bilərəm. Bir nəfər muxtar seçirlər və o ərazini də bu muxtar idarə edir. Bizdə isə bir kənddə 8-10 nəfər, 12 nəfər, rayon mərkəzində 18 nəfər bələdiyyə üzvü seçilir. 18 nəfərin içində baş çıxarmaq olar? Hərəsi bir hava çalır, hərəsi bir tələb, bir şərt qoyur. Birinin şərtini yerinə yetirirsən, o birininkini yerinə yetirmirsən, bələdiyyə üzvləri arasında intriqa və çəkişmə başlayır. Nəticə etibarilə işlər də getmir və bələdiyyə də öz fondunu formalaşdıra bilmir.
Bundan qabaq bələdiyyə üzvlərinin bir çoxu dedi ki, elə üzv olduğuma görə hər ay mənə əmək haqqı verməlisən. Əslində, bələdiyyə üzvü əmək haqqı almamalıdır. Amma tələb eləyir də. Və hər birinə əmək haqqı yazıldı. Ona görə bu gün bələdiyyənin pulu yerlərdə abadlıq işlərinin və yaxud hansısa bir sosial işin həyata keçirilməsinə deyil, bələdiyyə üzvlərinin maddi təminatının yaxşılaşdırılmasına sərf olunur. O baxımdan, mən hesab edirəm ki, biz Seçki Məcəlləsində o müddəaları dəyişib maksimum 3, minimum 1 üzv seçilməsi şərtini qoymalıyıq. Böyük rayon, böyük şəhərdirsə, 3 nəfər, kiçik inzibati vahid, yəni kənddirsə, 1 nəfər seçilsin. Bununla çox böyük problemləri aradan qaldırmış olarıq.
Məsələnin bir tərəfi də var. Rayon rəhbərliyi dəyişən kimi başlayır bələdiyyə sədrini dəyişməyə. Əgər bələdiyyə sədri vəzifəsi seçkili olsa, artıq onun 5 il səlahiyyət müddəti olacaqdır və 5 il müddətində o çalışacaq, bir az da yaxşı işləsin ki, növbəti dəfə əhali ona yenidən etimad göstərsin, onu yenidən seçsin. Lakin 18 nəfər seçirlər və o 18 nəfər də bir nəfəri seçir. Rayonda bir rəhbərlik dəyişilir, dəyişilən kimi də deyir, bələdiyyə sədri keçmiş başçının vaxtında seçilib, mən bunu istəmirəm, gərək bunu dəyişəm. Ortada intriqa yaranır. 9 nəfər birləşir, başçının tərəfinə keçir, 7 nəfər qalır o tərəfdə və başlayırlar bələdiyyə sədri üstündə mübarizə aparmağa. Bu baxımdan mən hesab edirəm ki, bələdiyyə sədri əhali tərəfindən seçilməli və 5 il müddətində səlahiyyətlərini həyata keçirməlidir. Əgər etimadı doğrultmayacaqsa, növbəti dəfə ona səs verməyəcəklər.
Mən təqdim olunan məruzəyə səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Cavanşir Feyziyev.
C.Feyziyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Müzakirəyə təqdim olunan məruzədə bələdiyyələrin indiki vəziyyəti, onların fəaliyyətindəki mövcud problemlər və çatışmazlıqlar ətraflı, dolğun və şəffaf şəkildə öz əksini tapmışdır. Bununla əlaqədar, bələdiyyələrin fəaliyyətinin bəzi məqamlarına münasibət bildirmək istərdim. Məruzədən də göründüyü kimi, bələdiyyələrin fəaliyyətindəki əsas çatışmazlıqlar bələdiyyə mülkiyyətində olan torpaqların satışı zamanı baş verən qanun pozuntuları ilə əlaqədardır. Ona görə düşünürəm ki, qanunvericiliyin təkmilləşdirilməsi, bələdiyyələrə lazımi hüquqi yardımın təşkili və qanunçuluğa əməl edilməsi istiqamətində zəruri treninqlərin təşkili bu cür halların aradan qaldırılmasında bələdiyyə işçiləri üçün faydalı ola bilərdi.
Bu kimi halların baş verməsinin digər bir səbəbi də bələdiyyələrin torpaq kadastrının və müvafiq xəritələrin olmamasıdır. Hesabatda da qeyd olunur ki, 1718 bələdiyyədən yalnız 1028-nə torpaq üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd verilmiş, yer quruluşu işləri isə yalnız 1454 bələdiyyə arasında aparılmışdır. Belə vəziyyət bələdiyyələrin öz torpaqları üzərində düzgün sərəncam verə bilməsində və müvafiq sənədləşmə işlərinin düzgün aparılmasında obyektiv çətinliklər yaradır, bələdiyyələrə ödənilməli olan vergilərin düzgün müəyyənləşdirilməsinə və yığılmasına mənfi təsir göstərir. Ona görə bu problemlər bələdiyyələrlə müxtəlif icra qurumları arasında əlaqəli və kompleks şəkildə həll edilməlidir.
Bələdiyyələrin statusu və səlahiyyətlərində dəqiqləşdirmələr aparılmasına da ehtiyac hiss olunur. Belə ki, bələdiyyələrlə yerli icra orqanları arasında səlahiyyətlərin və vəzifələrin dəqiq çərçivəsinin müəyyənləşdirilməsi onların fəaliyyətinə daha çox aydınlıq gətirə bilər.
Digər bir problem bələdiyyə büdcələrinin formalaşdırılması ilə bağlıdır. Keçən il büdcədən bələdiyyələrə ayrılan dotasiyanın həcmi artırılaraq 5 milyon manata çatdırılsa da, ölkə üzrə bütövlükdə bələdiyyələrin büdcəsinin əhalinin sayına nisbəti bu məbləğin hər hansı ciddi fəaliyyət üçün yetərli olmadığını göstərir. Ona görə düşünürəm ki, ola bilsin, bələdiyyələrin maliyyələşmə mənbələrinin genişləndirilməsi üçün yeni mexanizmlərin tətbiq olunmasına ehtiyac vardır.
Bütövlükdə illik məruzəni yüksək qiymətləndirir, onu müdafiə edir və qəbul edilməsini zəruri hesab edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Aqil müəllim, biz istəyirik yekunlaşdıraq. Deyəsən, ağsaqqal sözü demək istəyirdiniz? Buyurun.
A.Abbas. Sağ olun. Ağsaqqal sözü yox, amma bir söz demək istəyirəm. Burada çox gözəl çıxışlar oldu, gözəl təkliflər verildi. Xüsusən Siyavuş müəllim vəziyyəti çox ətraflı izah elədi, bizim bələdiyyələrlə Türkiyə və başqa ölkələrin bələdiyyələri arasındakı fərqi göstərdi, yaxşı təkliflər irəli sürdü. Amma çox təəssüf edirəm ki, bu gözəl təkliflər elə burada qalacaq. Sözüm ondadır ki, burada qalmasın. Mənim arzum odur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər çıxış eləmək istəyən yoxdursa, mən sizin hamınıza təşəkkür edirəm. Çox fəal iştirak elədiniz. Burada təkliflər irəli sürüldü, suallar səsləndi. İndi sözü Vilayət müəllimə verək, onlara bir aydınlıq gətirsin. Sonra səsə qoyarıq.
V.Zahirov. Çox sağ olun, Ziyafət müəllim. Mən ilk növbədə millət vəkili Hikmət Atayevin qaldırdığı məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Hörmətli Hikmət müəllimin sualından belə aydın olur ki, vaxtilə rayon istehlak cəmiyyətinin istifadəsində olan torpaq sahəsi ilə bağlı bu gün mübahisə yaranmışdır. Mən qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına görə, bizdə torpaq üzərində mülkiyyətin 3 forması mövcuddur – dövlət mülkiyyəti, bələdiyyə mülkiyyəti və xüsusi mülkiyyət. Onu da qeyd eləmək istəyirəm ki, Azərbaycanda torpaq ilə bağlı dövlət siyasəti Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən həyata keçirilir. Bu gün bu mübahisəli torpağın dövlət mülkiyyətinə və ya bələdiyyə mülkiyyətinə aid olması ilə bağlı, mən düşünürəm ki, araşdırmaya ehtiyac var. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində bütün torpaq sahələrinin xəritələri və bu torpaq sahələrinin hansı mülkiyyətə aid olması ilə bağlı aktlar mövcuddur. Ona görə də bu məsələ ilə bağlı sənədlər əgər bizim Ədliyyə Nazirliyinə təqdim olunarsa, biz bu məsələnin qanun çərçivəsində həll olunmasına çalışarıq.
Hörmətli Elmira xanım mənə bu gün bələdiyyə qulluğuna qəbulun qaydaları ilə bağlı sual ünvanladı. Mən qeyd etmək istərdim ki, möhtərəm Prezidentimiz tərəfindən 2012-ci il sentyabrın 5-də korrupsiyaya qarşı mübarizə ilə, şəffaflıqla bağlı milli fəaliyyət proqramları qəbul olunmuşdur. Bu fəaliyyət proqramları bizim Ədliyyə Nazirliyinin kollegiya iclasında müzakirə edilmiş və onların həyata keçirilməsi üzrə tədbirlər planı işlənib hazırlanmışdır. Milli fəaliyyət proqramında irəli sürülmüş məsələlərdən biri də məhz elə bələdiyyələrdə qulluğa qəbulun müsabiqə yolu ilə keçirilməsidir. Mən qeyd etmək istərdim ki, ölkəmizdə artıq bu işə başlanıb. Bununla əlaqədar olaraq nazirlik tərəfindən bələdiyyələrə tövsiyə məktubları ünvanlanıb və artıq bir neçə bələdiyyədə qulluğa qəbul bu yolla həyata keçirilib. Əlbəttə, bu gün demək olmaz ki, bütün bələdiyyələrdə qulluğa qəbul müsabiqə yolu ilə həyata keçirilir. Amma milli fəaliyyət planından da göründüyü kimi, bu, 2015-ci ilə kimi nəzərdə tutulur. Həmin vaxta kimi, sözsüz ki, bu tapşırıqlar həyata keçiriləcəkdir.
Mən digər millət vəkilləri tərəfindən səslənən fikirlərə, irəli sürülən təkliflərə də öz münasibətimi bildirmək istəyirəm. Burada bələdiyyələrin səlahiyyətlərinin və maliyyə imkanlarının artırılması ilə bağlı çoxlu fikirlər səsləndi. Bunlar çox konstruktiv, səmərəli təkliflərdir. Mən bu təkliflərə görə millət vəkillərinə minnətdarlığımı bildirirəm. Onu da qeyd eləmək istəyirəm ki, bunların hamısı bizim tərəfimizdən qeyd olunub və bunların hamısına baxılacaq, təklifləriniz gələcək fəaliyyətimizdə nəzərə alınacaqdır.
Bələdiyyələrə inzibati nəzarəti həyata keçirən orqanın təqdim etdiyi illik məruzəyə diqqət göstərdiyinə görə Milli Məclisin bütün deputatlarına öz təşəkkürümü bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, təşəkkür edirəm. Təklif var ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi səsə qoyulsun. Buyurun, xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri    (saat 13.56 dəq.)
Lehinə    97
Əleyhinə     0    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Vilayət müəllim, Sizi təbrik edir, işlərinizdə uğurlar arzulayırıq.
Saat 4-ə qədər fasilə. Xahiş edirəm, iclasın ikinci hissəsinə bəzi yoldaşlar yubanmasınlar. Hamıya aid deyil bu, bəzi yoldaşlara aiddir.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. İclasımızı davam etdiririk. Növbəti məsələ, “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən 2012-ci ildə imzalanıb.
Sədrlik edən. Ziyad müəllim, mən üçüncü qanunu dedim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Eybi yox, yaxşı.
Z.Səmədzadə. Ticarət və İnkişaf Bankının Nizamnaməsi Azərbaycan Respublikası tərəfindən 2012-ci ildə imzalanıb. Nizamnamədə İqtisadi Əməkdaşlıq Təşkilatının Ticarət və İnkişaf Bankının vəzifələri, əsas funksiyaları, maliyyə resursları və digər məsələlər barədə maddələr öz əksini tapıb. İqtisadi siyasət komitəsi bu qanun layihəsini müzakirə edib. Komitə millət vəkillərindən xahiş edir ki, gələcəkdə Azərbaycanın bu təşkilatda fəaliyyət imkanlarının genişlənməsi ilə əlaqədar olaraq qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri    (saat 16.03 dəq.)
Lehinə    99
Əleyhinə     0    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər aşağıdakılardan ibarətdir. Qanunun 28.1-ci maddəsində “Bayrağı altında üzmək hüququ (patent)” sözləri “Dövlət bayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilir. Yəni burada Azərbaycan Respublikasının Dövlət bayrağı altında üzmək hüququndan söhbət gedir. Rüsumun məbləği olduğu kimi qalır. Eyni zamanda, Qanuna 28.21-ci maddə əlavə edilir. Bu maddədə bunker yanacağı ilə çirklənmə nəticəsində vurulan zərərə görə mülki məsuliyyətlə bağlı sığorta və ya digər maliyyə təminatı haqqında sertifikatın verilməsi üçün 50 manat məbləğində rüsum müəyyən edilmişdir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri    (saat 16.05 dəq.)
Lehinə    98
Əleyhinə     0    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədə. Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Məcəllənin 6-1.1.1-ci maddəsində “Bayrağı altında üzmək hüququ (patent)” sözləri “Dövlət bayrağı altında üzmək hüququ” sözləri ilə əvəz edilir. Eyni zamanda, Məcəllənin 15.2-ci maddəsində “bayrağı altında” sözlərindən əvvəl “Dövlət” sözü əlavə edilir. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri    (saat 16.06 dəq.)
Lehinə    96
Əleyhinə    0    
Bitərəf     0
Səs vermədi    0    
İştirak edir    96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin beşinci məsələsi. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm. Hörmətli Sədr, təqdim olunan qanun layihəsi dörd qanuna dəyişikliklər ilə əlaqəli olduğu üçün icazə verin, paket şəklində ümumi bir məlumat verim.
Sədrlik edən. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
Ç.Qənizadə. Bu gün “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında”, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanunlarına və İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərlə bağlı təkliflər müzakirəyə çıxarılıb. İcazə verin, qısaca məlumat verim.
Bu qanunlarda dəyişikliklər etmək zərurəti nədən yarandı? İlk öncə qeyd etmək istəyirəm ki, təqdim edilən qanun layihəsinin hazırlanmasının əsas məqsədi qeyri-hökumət təşkilatları və dini qurumlar tərəfindən könüllü ianələrin alınmasında və istifadəsində şəffaflığı təmin etməkdən və eləcə də çirkli pulların yuyulması, terrorçuluqla mübarizə sahəsində Azərbaycan Respublikasının üzərinə götürdüyü beynəlxalq öhdəliklərin həyata keçirilməsinə kömək etməkdən ibarətdir. Təklif olunan dəyişikliklər qəbul olunacağı təqdirdə könüllü ianələrin qəbulu və istifadəsi zamanı hər hansı qanunsuz halların qarşısı alınacaq və bu, ianələrin təyinatı üzrə istifadə olunmasına imkan verəcək, qeyri-hökumət təşkilatlarına və dini qurumlara ictimai etimadın artmasına zəmin yaradacaqdır.
Qeyd edim ki, ianə edilən pul vəsaitlərinin qeyri-hökumət təşkilatlarının bank hesabına köçürmə yolu ilə qəbul edilməsi, habelə qəbul edilmiş ianələrin məbləği və ianəni vermiş şəxslər haqqında məlumatların müvafiq icra hakimiyyəti orqanına təqdim olunması barədə tələblərin müəyyənləşdirilməsi təklif olunan qanuna dəyişikliklərdə, eyni zamanda 24-1 və 24-1.5-ci maddələrdə öz əksini tapır. İlk dəfə olaraq “ianə” anlayışının açıqlanması da təklif olunan bu dəyişiklikdə öz əksini tapacaqdır. Çünki ianə deyirik, amma onun konkret tərifi bu günə qədər qanunvericilikdə öz əksini tapmamışdır.
Qeyd edim ki, bu qanunların müzakirəsi ilə bağlı qeyri-hökumət təşkilatlarının təşkil elədiyi geniş bir tədbir olub, orada iştirak etmişəm. Bundan başqa, ATƏT-in Bakı Ofisinin nümayəndəsi xanım Monika ilə iki saata yaxın müzakirələr aparılıb. Təbii ki, əks tərəflərin mövqeyi mənim tərəfimdən dinlənilib, müəyyən qeydlər aparılıb. Bu qanuna dəyişikliklər qəbul edildikdən sonra, yəqin ki, onların qaldırdığı bəzi məsələlərin nəzərə alınması, həlli istiqamətində müəyyən işlər aparılacaq.
Bəzi həmkarlarım elə hesab edirlər ki, bu qanunun qəbulundan sonra qeyri-hökumət təşkilatları hesabatlarını rayon icra hakimiyyətinin orqanlarına təqdim edəcəklər. Amma qanundan göründüyü kimi, müvafiq icra hakimiyyəti orqanı dedikdə biz Ədliyyə Nazirliyini nəzərdə tuturuq və bu, artıq qüvvədə olan “Qeyri-hökumət təşkilatları haqqında” Qanunda öz əksini tapmışdır.
Bu qanun layihəsi hazırlanarkən biz müxtəlif ölkələrin təcrübəsinə və qanunvericiliyinə istinad elədik. Məlumat üçün qeyd edim ki, Avropanın, konkret olaraq İngiltərənin, eləcə də Amerikanın təcrübəsini araşdırdıq və Rusiyanın təcrübəsinə baxdıq. Məlum oldu ki, bu ölkələrin böyük əksəriyyətinin qanunvericiliyində bu cür tələblər çoxdan qoyulub və ölkəyə daxil olan pul vəsaitləri üzərində dövlətin müəyyən qurumları nəzarət funksiyasını həyata keçirirlər. Hətta qeyd edim ki, Rusiyanın Mərkəzi Bankı keçən ilin noyabr ayında öz əsasnaməsində dəyişikliklər edib və artıq bu cür təşkilatların, yəni dini qurumların, qeyri-hökumət təşkilatlarının və xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filiallarının pul vəsaitlərinin hərəkəti üzərində nəzarəti həyata keçirir. Onu da nəzərinizə çatdırım ki, bu ilin yanvar ayında artıq Azərbaycan Mərkəzi Bankı da özünün maliyyə monitorinqi xidmətinin daxili qaydalarında dəyişiklik edərək dini qurumların və qeyri-hökumət təşkilatlarının, o cümlədən xarici ölkələrin qeyri-hökumət təşkilatlarının filiallarının bank vəsaitləri üzərində nəzarəti həyata keçirməyə başlamışdır.
Bu üç qanuna edilən dəyişikliklərlə əlaqədar olaraq dördüncü qanuna, yəni İnzibati Xətalar Məcəlləsinə bu qanunvericiliyin pozulmasına görə məsuliyyətin artırılması məqsədi ilə normalar daxil olunub. Mən belə hesab edirəm ki, bu üç qanuna dəyişikliklər qəbul edildiyi anda mütləq bu məsələ də öz həllini tapmalıdır.
Bəzən həmkarlarım qeyd edirlər ki, bu maliyyə mənbələri üzərində nəzarətə nə ehtiyac var və dövlət nə üçün onların üzərində nəzarət funksiyasını həyata keçirməlidir. Mən qısaca iki misalı nəzərinizə çatdırmaq istəyirəm. Bir neçə il bundan öncə Rusiyada həm Nord-Ost, həm də Beslan hadisələri zamanı məlum oldu ki, bu cür ağır cinayətləri törədən silahlı birləşmələr Rusiyaya xaricdən qeyri-hökumət təşkilatlarının ünvanına göndərilmiş və nəzarətsiz qalan pul vəsaitlərinin onlara çatdırılması hesabına ən müasir silah-sursat, avadanlıq və texnika ilə təchiz olunmuşlar.
Bu qanun layihəsində qeyri-hökumət təşkilatlarına, dini qurumlara hər hansı bir qadağa, məhdudiyyət qoyan bənd yoxdur. Sadəcə olaraq, burada söhbət ondan gedir ki, ölkəyə daxil olan və dini qurumlara, qeyri-hökumət təşkilatlarına, ictimai birliklərə, fondlara istər rəsmi şəkildə, hansısa qrantlar şəklində, istərsə də ianə şəklində, nağd şəklində verilən pullar mütləq bank əməliyyatları vasitəsilə hesaba köçürülməli və bu təşkilatlar o layihələrin reallaşması ilə bağlı müvafiq icra hakimiyyətinə, yəni Ədliyyə Nazirliyinə məlumat verməli, eyni zamanda Maliyyə Nazirliyinə hesabat təqdim etməlidirlər.
Burada söhbət ancaq şəffaflığın artırılmasından gedir. Bu qanun layihəsi qeyd etdiyim təşkilatların fəaliyyətinin şəffaflığına xidmət eləyir. Ona görə həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Çingiz müəllim. Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Siz bilirsiniz ki, bu dəyişikliklər ictimaiyyətdə geniş müzakirələrə səbəb olub. Dövlət qeydiyyatına alınmamış qeyri-hökumət təşkilatları buna daha ciddi şəkildə etiraz edirlər. Mən hesab edirəm ki, onlar belə etiraz etməkdə haqlıdırlar. Ona görə ki, bizim Ədliyyə Nazirliyi tərəfindən bəzən absurd əsaslarla qeyri-hökumət təşkilatları qeydə alınmır. Məsələn, mənə bu yaxınlarda, Oqtay müəllim, üç nəfər fərqli adam müraciət edib, bildirib ki, onların yaratdıqları qeyri-hökumət təşkilatları, birliklər qeydə alınmır. Müxtəlif analitik mərkəzlər yaradıblar və sair. Hər üçü mənə Ədliyyə Nazirliyi tərəfindən onlara verilmiş cavabı göstərib. Bu cavabda eyni qaydada yazılır ki, ictimai birliyin adı onun məzmununa uyğun gəlmədiyi üçün qeydiyyata alınmaqdan imtina edilsin. Üçünə də standart cavab verilib. Bu onu göstərir ki, nazirliyin kompüterində müəyyən forma var, ad, familiyanı, təşkilatın adını dəyişirlər, qalanını olduğu kimi saxlayıb, müraciət edənə qaytarırlar.
Yeri gəlmişkən, qeyd edim ki, biz hər min nəfərə düşən qeyri-hökumət təşkilatlarının sayına görə Gürcüstandan təqribən 3 dəfə, Qərbi Avropa ölkələrindən, Avropa İttifaqına üzv olan ölkələrdən isə təqribən 8-9 dəfə geri qalırıq. Mən bilmirəm, Ədliyyə Nazirliyi qeyri-hökumət təşkilatlarının qeydə alınmasında niyə problem yaradır.
Bir vaxtlar bizdə kütləvi informasiya vasitələrinin qeydə alınması ilə bağlı böyük mübahisələr, problemlər, məhkəmə çəkişmələri var idi. O zaman biz mütərəqqi bir qərar qəbul elədik və bununla da bu problem birdəfəlik aradan qalxdı. Ona görə hər hansı beynəlxalq təşkilat tərəfindən Azərbaycana bir irad bildirilmədi.
İndi bunu problem yaradıblar. Burada narazılıq doğuran yeganə məqam ondan ibarətdir ki, bu dəyişikliklər dövlət qeydiyyatından keçməmiş qeyri-hökumət təşkilatlarını faktiki surətdə qrant almaq imkanlarından məhrum edəcəkdir. Yəni narahatçılıq doğuran, burada Çingiz müəllimin söylədiyi kimi, şəffaflıq məsələsi deyil. Qeyri-hökumət təşkilatları aldıqları qrantlar haqqında böyük məmnuniyyətlə hesabatlar verirlər və verməyə də hazırdırlar. Amma bu dəyişikliklər qeydiyyatdan keçməmiş qeyri-hökumət təşkilatları üçün ciddi problemlər yaradacaq.
Ona görə biz qeyri-hökumət təşkilatlarının qeydiyyatı ilə bağlı mövcud real vəziyyəti nəzərə alaraq müvafiq qərar qəbul edib bunu son dərəcə sadələşdirməliyik ki, kütləvi informasiya vasitələrinin qeydiyyatında olduğu kimi, müraciət qeydiyyat üçün əsas olsun. Mən sizi əmin edirəm ki, ondan sonra burada hər hansı bir narahatçılığa yer qalmayacaq. Amma indiki halda, mən hesab edirəm ki, bizim bu düzəlişləri qəbul eləməyimiz xeyli əlavə problemlər yaradacaq. Ona görə mən bu düzəlişlərə səs verməyəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu məsələ ilə bağlı qeyri-hökumət təşkilatlarının birlikdə keçirdiyi tədbirdə də, komitədə də münasibətimi ətraflı şəkildə açıqlamışam. Bununla belə, istəyirəm ki, plenar iclasda da bu məsələ ilə bağlı mövqeyimi ifadə edim.
Bu dəyişikliklərlə QHT-lərin fəaliyyətində şəffaflıq yaratmaq, cərimələrin artırılması yolu ilə müəyyən dərəcədə məsuliyyətlərini artırmaq nəzərdə tutulur. Amma əslində bu dəyişikliklər paketi Azərbaycanda dövlətlə işləyən, dövlətin yaratdığı xüsusi dəstək fondlarından vəsait alan qeyri-hökumət təşkilatlarının işini çətinləşdirməkdən o tərəfə getməyəcək. Bu, əslində xarici ölkələrlə bağlı olan QHT-lərə öz fəaliyyətlərini tam sərbəst şəkildə genişləndirmək imkanı verəcək. Onsuz da xarici kəşfiyyatla bağlı olanlara hansısa sənədlə pul vermirlər ki. Bu pullar daha gizli formada ötürüləcək. Ortada yazıq günə qalan, daha çox çətinlik içində qalan Azərbaycanın dövlətə bağlı, Azərbaycana bağlı, xeyriyyəçiliklə məşğul olmaq istəyən QHT-ləri olacaq.
Paketdə üç əsas dəyişiklik nəzərdə tutulur. Mən üçünü də diqqətinizə çatdırmaq istəyirəm. Birinci, qrantların Ədliyyə Nazirliyində qeydiyyatı tələblərinin pozulmasına görə cərimələrin artırılması. Cərimələr çox qəribədir. Elə bir şəkildə artırılır ki, cərimə hansısa qeyri-hökumət təşkilatının aldığı qrant məbləğindən iki-üç dəfə artıq olur. Cərimənin 8 mindən 15 minədək artırılması nəzərdə tutulur. Bu cərimə qeyri-hökumət təşkilatının aldığı məbləğdən iki dəfə artıq olursa, QHT bu pulu haradan alıb ödəyəcək? Kimsə ola bilsin ki, pis olmayan niyyətlə məsuliyyətsizlik elədi, onu bu qədər cəzalandırmağa nə ehtiyac var? Onsuz da “Qrant haqqında” Qanunda hesabat barədə müddəa var və buna görə qeyri-hökumət təşkilatları il ərzində təqribən 19 hesabat verirlər. Bu 19 hesabatda onların bütün maliyyə fəaliyyətinin şəffaflığını görmək mümkündür. Ona görə mənə belə gəlir ki, bu dəyişikliklər qəbul edilməməlidir. Cərimələrin artırılması tendensiyası bu kateqoriyadan olan QHT-lərə tətbiq olunmamalıdır.
İkinci, qrant haqqında müqavilə olmadığı təqdirdə qrant vəsaitləri hesabına fəaliyyətin həyata keçirilməsinə görə məsuliyyətin, cərimə və müsadirənin tətbiq edilməsi. Bu cərimə və müsadirələrin tətbiq edilməsi o deməkdir ki, QHT-lər fəaliyyətini dayandırmalıdır. Bu, cərimələrin ödənməməsi ənənəsinə və Avropa Məhkəməsinə müraciətlərə gətirib çıxaracaq. QHT-lər bu cərimələri ödəmək iqtidarında olmayacaq və vətəndaş cəmiyyəti institutları faktiki olaraq məcbur olacaqlar ki, bir-bir sıradan çıxsınlar. Bir çox hallarda dövlətin funksiyalarını yerinə yetirən, dövlətlə heç bir konflikt halında olmayan qurumları sıradan çıxarmaq ölkəmizə nə xeyir gətirir, kimin mənafeyinə xidmət edir? Bunu anlamaq çətindir.
Üçüncü, nizamnaməsinə görə, məqsədi xeyriyyəçilik olan QHT-lər tərəfindən 200 manatadək ianələrin nağd formada alınmasına icazə verilməsi. Məqsədi xeyriyyəçilik olan QHT-lərin sayı 10–15-dən çox deyil. Bunu əslində elə yazmaq olardı ki, bütün QHT-lərə 200 manatadək hər hansı bir ianə almaq imkanı tanınsın. Burada nə var? Qoy onlar hamısı bu məbləği ala bilsin. 200 manatla dövlət çevrilişi etməyəcək və ya hər hansı bir qarışıqlıq yaratmayacaqlar ki. Ona görə buna bir fərq qoyulmasını mən doğru hesab etmirəm. Hamısına tətbiq olunarsa, bu qaydanın olması mümkündür.
Amma burada başqa bir problem meydana çıxır. İanənin burada tərifinin verilməsi müsbət haldır. Mən deputat həmkarım Çingiz Qənizadənin bu barədə fikirlərini bölüşürəm. Həqiqətən, bu anlayış ilk dəfə verilir. Amma tərif veriləndən sonra bu anlayışın özü pozulur. Bildirilir ki, dini quruma, qeyri-hökumət təşkilatına hansısa bir məqsəd güdərək, kimi isə ələ almaq məqsədi ilə ianə vermək məsuliyyət yaradır. Amma hansısa bir məqsəd güdərək, kimi isə ələ almaq məqsədi ilə verilən pulun adı rüşvətdir, ianə deyil ki. Bunu qanuna bu formada gətirməyin nə izahı ola bilər? İanəni rüşvətlə, yaxud hansısa bir məqsəd güdərək, kimi isə ələ almaq məqsədi ilə verilən pulla qarışdırmaq olmaz. Məncə, sonrakı dönəmlərdə bunun hüquqi izahını vermək çox çətin olacaq.
İkinci də, deyək ki, kimlərsə, məsələn, 201 manat gətirib hansısa bir QHT-yə verib və bunu məqsədyönlü şəkildə, həmin QHT-ni sıradan çıxarmaq üçün edib. Bu halda nə olmalıdır, müvafiq orqanlar gəlib orada araşdırma aparmalıdırlar? Həm pulu verən məsuliyyət daşıyır, həm pulu alan məsuliyyət daşıyır. Bu hesablamayıb ki, 201 manat, 202 manat verəcəklər. Belə bir dolaşıqlıq yaratmaqla əslində şəffaflıq prinsipinin pozulmasına özümüz şərait yaradırıq. Ona görə də, məncə, bu qanuna dəyişiklik gəlibsə və bunun müzakirəsi bu gün məqsədəuyğun sayılıbsa, burada daha çox cilalanmış variant qəbul olunmalı, xüsusilə ianələrə görə məsuliyyət məsələsinin adı dəyişməlidir. Bu, artıq ianə sayılmamalıdır. İanənin tərifi verilibsə, tərifdən biz kənara çıxa və buna görə məsuliyyət nəzərdə tuta bilmərik.
Açığı, artıq qanunvericilik bizim üzərimizə Milli Təhlükəsizlik Nazirliyinin funksiyasını qoyur. Qanunvericiliklə biz sanki artıq nazirliklərin funksiyasını maddə-maddə xırdalamaqla məşğuluq. Halbuki dövlət qurumları var ki, İrana işləyir, Turana işləyir, hansısa başqa ölkəyə işləyir. Bunu araşdırıb ortaya çıxarsınlar.
Qanunvericilikdə bu qədər mürəkkəbləşdirmə aparmaq Azərbaycanda vətəndaş cəmiyyəti institutunun inkişafına xeyli zərbə vuracaqdır. Ona görə mən də bu dəyişikliklərin əleyhinəyəm. Hesab edirəm ki, burada ciddi təhriflərə yol verilib və bu dəyişikliklərə elə bir lüzum yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən təkrarçılığa yol vermək istəmirəm. Mən də deyilənlərlə razılaşıram. Biz burada həddən artıq ümumiləşmələr etmişik və nəyi etmək olmazdan daha çox nəyi etmək olara qadağalar qoymuşuq. Düşünürəm ki, donorlarla resipiyentlər arasındakı münasibətlərdə hansı donorlar Azərbaycan qanunlarına zidd hərəkətləri stimullaşdırırlarsa, biz həmin donorların qarşısının alınması üçün tədbirlər görə bilərik. Yenə də bizə aydındır, resipiyentlər kimlərdir. Onların da fəaliyyətləri izlənilir və şəffaf şəkildə bilinir ki, nə ilə məşğuldurlar. Zəruri hesab olunarsa, onların fəaliyyətlərinə də hədd qoyula bilər. Amma donor resipiyentə, məsələn, təbii fəlakət nəticəsində ziyan çəkənlərlə bağlı vəsait verəcəksə, onun üçün hansısa çətinliklər yaratmağa ehtiyac yoxdur. Mən sözümü çox uzatmaq istəmirəm. Deyilənlərə qatılıram. Hesab edirəm ki, biz daha çox donorla resipiyentlər arasında fəaliyyət növü ilə bağlı münasibətləri tənzimləmək üçün qanunvericiliyimizə baxış keçirməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Bir neçə gündür ki, istər mətbuatda, istərsə də internetdə ayrı-ayrı sosial şəbəkələrdə bu gün müzakirəmizə təqdim olunan təkliflərlə bağlı ciddi debatlar gedir. Əlbəttə, biz bunları izləyirik. Qeyri-hökumət təşkilatlarının müraciətləri də bizə daxil olur. Onların hamısını təhlil edirik. Amma bütövlükdə həmin debatlara baxan zaman görürsən ki, bu təkliflərə çox anlayışla yanaşanlar da, onların siyasi məqsəd güddüyünü düşünənlər də var.
Əlbəttə, hər bir QHT öz fikrini sərbəst şəkildə ifadə edə bilər, öz razılığını və ya narazılığını bildirə bilər. Amma düşünürəm ki, burada bəzi qeyri-hökumət təşkilatları bu təşəbbüsü məqsədyönlü şəkildə siyasiləşdirirlər. Guya müvafiq qanunlara bu dəyişiklikləri etməklə dövlət qeyri-hökumət təşkilatlarına qarşı total hücuma keçir, onlara basqı edir.
Mən hesab edirəm, bunun heç bir əsası yoxdur. Ona görə əsası yoxdur ki, bu gün qeyri-hökumət təşkilatları ilə bağlı dövlət siyasətini həyata keçirən Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurası son 5 ildir, bütün gücünü, əməyini qeyri-hökumət təşkilatlarına sözün əsl mənasında dəstək verilməsinə sərf edir. Dövlətin QHT-lərlə bağlı siyasəti məhz QHT-lərə Dövlət Dəstəyi Şurasında əks olunur. Siz əgər bu şuranın qrant verdiyi təşkilatların siyahısına baxsanız, görərsiniz ki, bu gün bu fikirdə olanların çoxuna elə biz qrant vermişik.
Ona görə də mən istərdim, bizim mətbuat da, millət vəkilləri də bilsinlər ki, dövlətin qeyri-hökumət təşkilatları ilə bağlı siyasəti çox açıq və şəffafdır. QHT-lərin siyasi dünyagörüşünə, siyasi platformasına baxmayaraq, bütün ağıllı və əsaslandırılmış təklifləri dövlət tərəfindən dəstəklənir və dəstəklənəcəkdir. Ona görə mən çox istərdim ki, onlar bu cür bəyanatlar verərkən bir az ədalətli olsunlar.
Konkret olaraq təkliflərin mahiyyətinə gəlincə, mən hesab edirəm, bu təkliflərin əsas mahiyyəti ondan ibarətdir ki, qeyri-hökumət təşkilatları öz fəaliyyətində şəffaflığı artırsınlar. Məsələn, nağdsız hesablaşma ona görə lazımdır ki, hər hansı bir maliyyə əməliyyatı bank vasitəsilə ödəmə olmadan aparılmasın. Yəni bütün maliyyə əməliyyatları bank vasitəsilə aparılsın. Ona görə bank vasitəsilə aparılsın ki, şəffaflıq təmin edilsin. Əgər qeyri-hökumət təşkilatları – hər hansı bir dini qurum, yaxud siyasi partiya nağd yolla vəsait alırsa, bu, cəmiyyətdə narahatçılıq doğurur və suallar yaradır. Ona görə də mən düşünürəm ki, QHT-lərin bütün maliyyə əməliyyatları ictimaiyyət üçün şəffaf və açıq olmalıdır. Bu təklifin əsas mahiyyəti və qayəsi də odur ki, hər hansı bir formada nağd şəkildə maliyyə yardımı həyata keçirilməsin, nağdsız hesablaşmalar olsun.
İkinci, qrant müqavilələrinin bağlanmasının vacibliyi. Bu gün, yəqin, heç kim etiraz etməz ki, resipiyent ilə donor arasında müqavilədən kənar hər hansı bir əməkdaşlıq ola bilməz. Özünə hörmət edən hər hansı bir təşkilat mütləq şəkildə öz donoru ilə müqavilə bağlamalı və fəaliyyətini qarşılıqlı müqavilə əsasında qurmalıdır. Müqavilə olmasa, qeyri-hökumət təşkilatı hansı əsasla işləyəcək, hansı öhdəlikləri üzərinə götürəcək? Hesab edirəm ki, bu müddəa bütövlükdə qeyri-hökumət təşkilatlarının fəlsəfəsinə, mahiyyətinə uyğundur. Qeyri-hökumət təşkilatları şəffaflıqda, aşkarlıqda, demokratiklikdə digərlərinə nümunə olmalıdır. Ona görə də əgər kimsə buna qarşı çıxırsa, ya QHT-nin fəlsəfəsini bilmir, ya da doğrudan, QHT adı altında başqa niyyətlə fəaliyyət göstərir.
Üçüncü arqument, hesabat məsələsi. Bəli, hesabat qanunun tələbidir. Hər bir QHT öz fəaliyyəti ilə bağlı həm ictimaiyyətə, həm KİV-lərə, həm də dövlətin müvafiq qurumuna hesabat verməlidir. İndi, deyək ki, hesabatın forması və sair müzakirə oluna bilər, amma hesabat mütləq verilməlidir. Dövlət bilməlidir ki, hansı sahəyə nə qədər vəsait ayrılıbdır və gələcəkdə qeyri-hökumət təşkilatları ilə bağlı prioritet mövzu nədən ibarət olmalıdır, donorlar hansı mövzuları özləri üçün əsas götürür. Bu fəaliyyət bir növ koordinasiya olunmalıdır. Bu baxımdan düşünürəm ki, hesabata heç bir ciddi irad tutulmamalıdır.
Dördüncü məqam ianələrlə bağlıdır. Nağd şəkildə verilən ianələrin maksimum məbləği 200 manat müəyyən olunub. Hesab edirəm ki, bu yaxşı rəqəmdir, çünki bu gün onsuz da nağd şəkildə 200 manatdan çox ianə verən yoxdur. Təcrübədən deyə bilərik ki, ianə maksimum 50-100 manat həndəvərində olur. Hesab edirəm ki, 200 manat ağlabatan bir rəqəmdir.
Bu, təkcə Azərbaycanda deyil, bir çox ölkələrdə var. Fransada anonim şəkildə maksimum 150 dollara yaxın ianə verməyə icazə verilir. ABŞ-da bu rəqəm 250 dollar, Belçikada 125 dollardır. Əgər dollar ekvivalentini götürsək, Azərbaycanda 250 dollardan bir qədər çoxdur. Demək ki, bütün dünyada artıq bununla bağlı bir tendensiya var. Bunlar mütləq şəffaf olmalı, nağdsız formada köçürmə yolu ilə olmalıdır. O baxımdan düşünürəm ki, burada bütün məsələlər beynəlxalq hüquq normalarına uyğundur. Hətta Fransada, ABŞ-da, Yaponiyada, İspaniyada, İsveçdə siyasi partiyalar üçün xarici ianələrin alınmasına, ümumiyyətlə, qadağa qoyulur. Amma bizdə belə bir qadağa yoxdur.
Mən istərdim ki, Avropa Şurası Nazirlər Kabinetinin 8 aprel 2003-cü il tarixli sənədini diqqətinizə çatdırım. Həmin sənəddə açıq şəkildə deyilir ki, bu növ bütün ianələr yalnız şəffaf, açıq şəkildə, köçürmə yolu ilə olmalı və maksimum məbləği müəyyənləşdirilməlidir. Əks təqdirdə dövlət bütün bu ianələrlə bağlı ən sərt tədbirləri görə bilər.
İndi isə mən bir neçə təklifimi səsləndirmək istəyirəm. Burada həmkarlarım da dedilər və bizim qeyri-hökumət təşkilatları da təklif edirlər ki, maksimum məbləği 200 manatadək olan ianələr barədə müddəa təkcə xeyriyyəçi təşkilatlara şamil edilməsin. Elə QHT-lər var ki, məsələn, sosial fəaliyyətlə, ekologiya ilə, ətraf mühitlə, əlillərin hüquqlarının qorunması ilə bağlı fəaliyyətlə məşğuldur. Düşünürəm ki, bunu təkcə nizamnaməsinə “xeyriyyəçilik” sözü yazılmış qeyri-hökumət təşkilatları ilə məhdudlaşdırmaq doğru deyildir və biz gələcəkdə buna baxmalıyıq. Digər QHT-lər, xüsusilə sosial sahədə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları da bu imkandan faydalanmalıdır. Ümumiyyətlə, xeyriyyəçilik anlayışı qanunlarımızın bir neçəsində öz əksini tapıbdır. Amma fürsətdən istifadə edib demək istəyirəm ki, gələcəkdə biz bu məsələnin tam şəkildə tənzimlənməsi üçün mütləq xeyriyyəçilik fəaliyyəti haqqında bir qanun qəbul etməliyik.
İkinci məsələ, qeydiyyatla bağlı. Bəli, biz etiraf etməliyik ki, Azərbaycan qanunvericiliyinə görə, bu gün qeyri-hökumət təşkilatı qeydiyyatsız fəaliyyət göstərə bilər. Bu leqaldır. Qeyri-hökumət təşkilatlarının qeydiyyatsız fəaliyyətinə bir yasaq yoxdur və bu qeydiyyatsız fəaliyyətə heç bir sanksiya tətbiq olunmur. Amma sual oluna bilər ki, qeydiyyatla bağlı vəziyyət nə yerdədir və bununla bağlı hansı təkliflər irəli sürülür. Demək istəyirəm ki, biz çalışmalıyıq, qeydiyyatla bağlı proseduru daha da asanlaşdıraq, sadələşdirək. Ona görə mən təklif edirəm ki, qeydiyyat üçün tələb olunan müddət 30 iş günündən artıq olmasın. Özü də qeydiyyat təkcə Bakıda deyil, Azərbaycanın ən azı iri şəhərlərində də həyata keçirilsin ki, insanlar bundan ötrü əziyyət çəkib Bakıya gəlməli olmasınlar. Belə olan halda bu məsələ də avtomatik öz həllini tapar.
Düzdür, ola bilsin, elə təşkilatlar var ki, qeydiyyata alınmaqda maraqlı deyil. Məsələn, Leyla Yunusun rəhbərlik etdiyi Sülh və Demokratiya İnstitutu belələrindəndir. Ona neçə dəfə müraciət olunsa da, qeydiyyatdan imtina etdi, çünki qeydiyyat o deməkdir ki, sən məsuliyyət daşıyırsan, hesabat verirsən və sairə. Amma təbii ki, bütövlükdə bu sistemə yenidən baxılmalı və qeydiyyatla bağlı müəyyən problemlər aradan qaldırılmalıdır.
Üçüncü məsələ. Hesabat Maliyyə Nazirliyinə təqdim olunur. Bəli, biz bu gün şura olaraq Maliyyə Nazirliyi ilə işləyirik və düşünürük ki, bu hesabat da sadələşdirilməlidir. Təklif etmişdik, burada da o təklifi səsləndirirəm ki, illik dövriyyəsi 10 min manatadək olan qeyri-hökumət təşkilatları Maliyyə Nazirliyinə hesabat verməkdən azad olunmalıdırlar. Onlar onsuz da Ədliyyə Nazirliyinə qrantla bağlı təqdimat verir, müqaviləni qeydiyyata salırlar. Ona görə düşünürəm ki, bu bizim işimizi daha da asanlaşdırar. Məlumat üçün deyim ki, artıq Ədliyyə Nazirliyi elektron formada hesabatları qəbul etməyə başlayıbdır. Biz onlarla sıx əməkdaşlıq edirik. Mən o fikirdəyəm ki, yaxın zamanlarda maksimum məbləğlə bağlı bir təklif ortaya çıxacaq və Ədliyyə Nazirliyi də bu hesabatın formasını sadələşdirəcəkdir.
Sonda isə onu demək istəyirəm ki, mən təmsil etdiyim şuranın nümayəndəsi kimi, əlbəttə, sanksiyaların çox ağır olmasının tərəfdarı deyiləm. Amma əminəm ki, qeyri-hökumət təşkilatlarının bu sanksiyalardan yayınmasının yeganə yolu düzgün işləməsi, qanuna əməl etməsidir. Qanuna əməl edən, vaxtlı-vaxtında hesabat verən, heç bir qaranlıq işi olmayan QHT üçün hər hansı bir təhlükə yoxdur. Ona görə düşünürəm ki, bu məsələdə anlayışlı olmalı və fəaliyyətimizi qanunun tələblərinə uyğun qurmalıyıq. Gələcəkdə hər hansı bir çətinlik olarsa, biz yenidən bu məsələyə qayıda bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar! “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara, İnzibati Xətalar Məcəlləsinə təklif edilmiş dəyişikliklər bir-biri ilə əlaqəli olduğu üçün onlara ümumilikdə münasibətimi bildirmək istərdim.
Məlumdur ki, Azərbaycan Respublikası demokratik, dünyəvi, hüquqi idarəçilik formasına malik müasir ölkədir. Hüquqi dövlət, demokratiya, vətəndaş cəmiyyəti prinsiplərinə əsaslanan ölkəmizdə insan və vətəndaş hüquq və azadlıqları tam təmin edilmişdir. Azərbaycan dövlət quruculuğu, insan və vətəndaş amillərinə verilən qiymət, iqtisadi inkişaf meyarlarına görə regionda lider dövlət statusundadır. Bütün bunların məntiqi nəticəsi olaraq ölkəmizdə uğurla vətəndaş cəmiyyəti quruculuğu prosesi gedir.
Bu prosesdə qeyri-hökumət təşkilatları, şübhəsiz ki, mühüm rol oynamaqdadır. Azərbaycanda bu gün yüzlərlə ictimai birlik və fondlar fəaliyyət göstərir. Onlar istər dövlət orqanları ilə birlikdə, istərsə də müstəqil şəkildə müxtəlif layihə və proqramlar həyata keçirərək müvafiq fəaliyyətlə məşğul olurlar. Bu proses, demək olar ki, artıq kütləvi hal almışdır. Qeyri-hökumət təşkilatlarının sayı bu gün durmadan artmaqdadır. Təbii ki, bu, sevindirici və təqdirəlayiq haldır. Eyni zamanda, bu həm də qanunverici orqan tərəfindən müvafiq qanunvericiliyə yenidən baxmaq üçün səbəb rolunu oynayır.
Bu baxımdan parlamentin plenar iclasının gündəliyinə təklif edilmiş dəyişikliklərin xüsusi əhəmiyyəti vardır. Heç kəsə sirr deyildir ki, özlərini qeyri-hökumət təşkilatı adlandıran bəzi qurumlar öz nizamnamələrinə zidd fəaliyyətlə məşğul olur, hansısa qaranlıq qüvvələrin verdiyi qrant və ianələr müqabilində vətəndaş cəmiyyəti quruculuğu ilə heç bir əlaqəsi olmayan müəyyən fəaliyyətlə məşğul olurlar.
Digər tərəfdən, vətəndaş cəmiyyətinin əsas və başlanğıc prinsipi olan şəffaflıq prinsipinə heç də həmişə əməl olunmur. Qrant müqavilələri müvafiq qaydada bağlanmır və ya donorla qrant alan arasında, ümumiyyətlə, belə müqavilə mövcud olmur. Bu isə öz növbəsində mübahisəli situasiyalara gətirib çıxarır. Müqavilələrin Ədliyyə Nazirliyində qeydiyyata alınması şərti bu hallara birdəfəlik son qoyaraq alınan qrant və ianələrin təyinatı üzrə istifadəsinə şərait yaradacaqdır. Bu şərt, eyni zamanda, çirkli pulların yuyulması ilə mübarizə sahəsində Azərbaycanın öz üzərinə götürdüyü beynəlxalq öhdəliklərin icrasına zəmin yaradacaq.
Mən təklif edərdim ki, Ədliyyə Nazirliyi tərəfindən vahid internet resurs yaradılaraq, qrant müqavilələri, onların məzmunu və qrant məbləğinin sərf edilməsi ilə bağlı vahid, şəffaf, hamıya açıq sayt formasında məlumat qaydası formalaşdırılsın. Bu, istənilən ictimai birliyin şəffaf fəaliyyətinin mühüm təyinatlarından biri olardı.
İnzibati Xətalar Məcəlləsinə edilən dəyişiklikləri də tam dəstəkləyirəm. Hesab edirəm ki, demokratiya, aşkarlıq və şəffaflıq prinsiplərini təbliğ edən qeyri-hökumət təşkilatları və onların nümayəndələri hamıdan əvvəl şəffaflıq meyarlarına cavab verərək nümunə rolunu oynamalıdırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Buyursun Sədaqət Vəliyeva.
S.Vəliyeva. Hörmətli Oqtay müəllim, söz verdiyinizə görə təşəkkür edirəm. Dəyərli həmkarlar, ictimai sektorla bağlı aparılan müzakirələr, həqiqətən də, cəmiyyətimizin diqqət mərkəzindədir. Çünki ölkəmizdə vətəndaş cəmiyyətinin inkişafına, plüralizmin formalaşmasına təkan verən qeyri-hökumət təşkilatlarının, ictimai birliklərin, fondların fəaliyyətində şəffaflığın olması hər kəsin marağındadır. Bu isə ilk növbədə Azərbaycanın demokratik inkişafı, eyni zamanda, sabitlik və təhlükəsizliyi ilə də əlaqədardır. Ona görə də “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrant haqqında” qanunlara edilən dəyişikliklər cəmiyyətimizin böyük əksəriyyəti, daha doğrusu, ölkəmizin stabil inkişafında maraqlı olan insanlar tərəfindən dəstəklənir.
Amma təəssüflər olsun ki, ictimai sektorda şəffaflığın olmasını istəməyənlər də çoxdur. Təhlil apardıqda görürük ki, onlar, əsasən, radikal müxalifət ətrafında olan QHT sədləri və digərləridir. Axı, onlar nə üçün, hansı səbəbdən qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsində şəffaflığın olmasını istəmirlər? Bu suala cavab axtararkən o qədər də güclü tədqiqata ehtiyac duyulmur. Çünki aydındır ki, bu günə qədər “beşinci kolonun” ünsürləri olan həmin qüvvələr qeyri-hökumət təşkilatlarına xarici təşkilatlardan və digər strukturlardan köçürülən maliyyə vəsaitləri əsasında antimilli fəaliyyətlərə dəstək verirlər.
Qısa hesablama aparmışam. Rəsmi olaraq qeydə alınmış qrant müqavilələrindən görünür ki, “Açıq Cəmiyyət İnstitutu” Yardım Fondu, Beynəlxalq Tədqiqat və Mübadilə Şurası, Amerika Birləşmiş Ştatlarının Demokratiyaya Milli Dəstək Fondu və digərləri 1 il müddətində Azərbaycan QHT-lərinə 2,7 milyon dollardan artıq vəsait ayırıblar. Təbii ki, burada ən çox vəsait ayrılan təşkilatlar elə müxalifətə yaxın olan QHT-lərdir.
Bundan başqa, Almaniyanın Konraq Adenauer, Fridrix Nauman və digər fondları QHT-lərə qrantlar ayırıblar. Lakin cəmiyyət ayrılan bu qədər vəsaitin, həqiqətən də, Azərbaycanın demokratik inkişafına sərf olunacağına əmin olmalıdır. Çünki bunun qeyri-rəsmi tərəfləri də var. Mən burada müxalifətin mətbəxinə işləyən QHT-lərin adlarını çəkmək istəmirəm, çünki cəmiyyət özü hər şeyi görür və yaxşı bilir.
Bu yaxınlarda hər kəsə bəlli olan təşkilatların birbaşa dəstəyi ilə guya demokratiya naminə mahnı müsabiqəsi elan edilib. Bu nə deməkdir? Demokratiyanın inkişafı üçün mahnı və ya digər vasitələr lazımdır? Demokratiya inkişaf prosesidir, hər bir xalq bunu milli mənəvi dəyərlərinə uyğun şəkildə keçir. Hər hansı ölkənin demokratiya modelini digərlərinə tətbiq etmək mümkün deyil. Bunun əyani nəticəsini ərəb ölkələri və bir sıra postsovet dövlətlərinin timsalında görürük.
Hörmətli millət vəkilləri, respublikamızın 155 dövlətin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasına qeyri-daimi üzv seçilməsi, Eurovision mahnı müsabiqəsinə ev sahibliyi etməsi, hərtərəfli tərəqqisi, sürətli inkişafı və beynəlxalq münasibətlər sisteminin fəal aktorlarından birinə çevrilməsi anti-azərbaycan qüvvələrini ciddi narahat edir. Ona görə də onlar çalışırlar ki, ölkəmizdəki ictimai-siyasi sabitliyə xələl gətirsinlər. Məhz “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrant haqqında” qanunlara edilən dəyişikliklərə qarşı mənfi rəyin formalaşdırılmasına cəhdlər göstərilməsi də eyni məqsədə xidmət edir. Amma düşünürəm ki, bu cəhdlər əbəsdir, çünki Azərbaycan xalqı inkişafa xidmət edən bütün işləri dəstəkləyir. Düşünürəm ki, “Qeyri-hökumət təşkilatları haqqında” və “Qrant haqqında” qanunlara edilən dəyişikliklər ölkəmizdə üçüncü sektorun inkişafına ciddi təkan verəcək, şəffaflığı artıracaqdır. Bu baxımdan qanun layihəsini dəstəkləyirəm və həmkarlarımdan da bunu dəstəkləməyi xahiş edirəm. Eyni zamanda, Azay müəllimin dediklərinə də qoşuluram. Mən bu qanun layihəsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Sədaqət xanım. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, məlum olduğu kimi, bu qanun layihəsi Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Çingiz Qənizadə tərəfindən təklif edilmişdir. Məsələ komitədə müzakirə edilərkən hamımız üçün bir daha aydın oldu ki, layihənin məqsədi ilk növbədə adı çəkilən qurumların daha şəffaf fəaliyyət göstərməsinə xidmət etməkdir. Bu baxımdan iclasın əvvəlində bir sıra həmkarlarımın gündəliyin müzakirəsi ilə bağlı öncədən verdikləri bəyanatlar mənim üçün aydın olmadı. Çünki millət vəkilləri hər zaman hökuməti, digər qurumları şəffaf işləməyə dəvət edirlər və bu qanun layihəsinin də yeganə məqsədi məhz belə bir mexanizmi yaratmaqdır. Təəssüf ki, bununla bağlı bir dəstək görmədik.
Cənab Sədr, eyni zamanda, məlumat üçün qeyd etmək istəyirəm ki, komitə üzvü və qanunvericilik təşəbbüsünün subyekti olan millət vəkili kimi həm beynəlxalq təşkilatların, həm də qeyri-hökumət təşkilatlarının bütün tədbirlərinə qatıldıq və məsələnin bir qədər ictimailəşdiyini gördük. Düşünürəm ki, mətbuat üçün də kifayət qədər maarifləndirmə işləri həyata keçirdik.
Bu gün burada səslənmiş bir neçə fikrə komitə sədri kimi münasibət bildirmək istəyirəm. Düşünürəm ki, Qüdrət Həsənquliyevin fikri və Azay Quliyevin bir qədər yumşaq formada səsləndirdiyi fikir daha ağlabatandır və qanunun predmeti çərçivəsində müzakirə oluna bilər. Bu, qeyri-hökumət təşkilatlarının qeydiyyatı məsələsi ilə bağlıdır. Azay müəllim bu məsələləri yaxşı bilir və izahat da verdi. Amma Qüdrət müəllim komitə iclasında üzrlü səbəbdən iştirak etməyib, bu gün də qanun layihəsinin əleyhinə çıxış etdi. Amma düşünürəm ki, bəlkə söyləyəcəyim fikirlər onu başqa qənaətə gəlməyə təşviq edər.
Problem ondadır ki, narazılıq kimi söylənilən bu qeydiyyatsız fəaliyyət məsələsindən həmin qeyri-hökumət təşkilatları özləri sui-istifadə edirlər. Baxmayaraq ki, Ədliyyə Nazirliyi, müvafiq orqanlar tərəfindən qeydiyyatla bağlı bir sıra tədbirlər görülür. Qanunvericilikdə nəzərdə tutulduğu kimi, məlumat verilir ki, müəyyən dəyişiklik aparmaq lazımdır. Misal üçün, birini mən sizə deyim – eyni adlı iki təşkilat qeydə alına bilməz, ona görə təklif edilir ki, bəlkə başqa bir ad seçəsiniz. Bu gün qeydiyyatdan yayınmaqdan, qeydiyyata düşməməkdən ötrü bu cür məsələlərdən sui-istifadə edirlər. Çünki qanunda mövcud olan boşluq onlara imkan verir ki, təbii fəlakət adı ilə alınan qrantı dini radikal fəaliyyətə yönəltsinlər. Fərəc müəllimin qaldırdığı məsələyə münasibət bildirdim. Bizim həll etmək istədiyimiz əsas problem budur.
Mən özüm qanun layihəsi ilə bir qədər gec tanış olsam da, bunda şəffaflıq mexanizmlərini gördüm. Əgər millət vəkilləri qeyri-hökumət təşkilatlarının qeydiyyat məsələsinin praktikada, təcrübədə problemini görürlərsə, bu, təklif olunmuş qanun layihəsi ilə bağlı deyil. Əksinə, hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi elə qeydiyyat prosesini də sürətləndirəcəkdir.
Eyni zamanda, Fazil Mustafanın da bir neçə fikrinə münasibət bildirmək istəyirəm. Mən hesab edirəm ki, qanunvericilikdə hər bir məsələnin dəqiq göstərilməsi vacibdir. Çünki, Fazil müəllim, onda Siz dediyiniz kimi, təhlükəsizlik orqanlarının nəyəsə müdaxilə etməsinə ehtiyac qalmır. Qanunda hər şey aydın yazılır və onu icra etmək də daha rahat olur.
O ki qaldı cərimələrin çox olması ilə bağlı narazılığınıza, vaxtilə digər sahə ilə əlaqədar İnzibati Xətalar Məcəlləsində etdiyimiz dəyişikliklər haqqında fikri bir daha söyləmək istəyirəm. Mən belə bir məntiqlə razılaşa bilmirəm ki, cərimə çoxdur və onu ödəmək imkanı azdır, yəni qeyri-hökumət təşkilatının bu qədər maliyyə resursu yoxdur. Belə çıxır ki, hər hansı bir qeyri-hökumət təşkilatı artıq qüvvədə olan qanunun, onun cəriməsinin məbləğini görür, bilə-bilə belə bir pozuntuya yol verir və sonra deyir ki, ödəyə bilmirəm. Axı, mən burada hüquqi məntiq görə bilmirəm. Bu məsələ artıq şəffafdır, aydındır. Qanun layihəsi parlamentdə müzakirə və qəbul edilir və hamı da bilir ki, bu xətanı etmək olmaz. Bir daha vurğulamaq istəyirəm ki, bu gün cərimələrin məbləğinin çox olması daha çox iqtisadi sanksiyalara keçilməsi modelinin tətbiqidir. Yəni elə bir məbləğ olmalıdır ki, vətəndaşı həmin xətanı törətməkdən çəkindirsin.
Mən, eyni zamanda, bu layihəni dəstəkləyən hörmətli həmkarlarıma təşəkkürümü bildirirəm və əminəm ki, komitənin təqdim etdiyi qanun layihəsi həmkarlarım tərəfindən bütövlükdə qəbul ediləcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun, hörmətli Sədr. Mən təqdim olunan bu sənədləri məqbul hesab edirəm və bunların lehinə səs verəcəyəm. Çünki biz demokratik bir ölkədə yaşayırıq. Demokratiya aşkarlığın təmin olunması, şəffaflığın qorunması, bütün sahələrdə hüququn bərpa edilməsi üçündür. Təqdim olunan qanun layihəsi də buna xidmət edir.
Çox təəssüf edirəm ki, özünü əsl demokrat adlandıranlar mətbuatda, televiziya vasitələrində bu dəyişiklikləri qeyri-hökumət təşkilatlarının, dini qurumların səlahiyyətlərinin əlindən alınması, onların fəaliyyətinin azaldılması kimi qiymətləndirirlər. Əslində belə deyil. Yenə deyirəm, bu ilk növbədə şəffaflığa, aşkarlığa, hər bir hüquqi şəxsin məsuliyyətinin artırılmasına xidmət edir. Biz bu gün hər kəsdən hesabat tələb edirik, istəyirik ki, onların fəaliyyətləri aydın olsun.
Bu gün dünyada İslam dininə, müsəlmanlığa qarşı çox ciddi, amansız bir mübarizə gedir. Sual vermək istəyirəm ki, hər hansı Qərb ölkəsi Azərbaycanda İslamın mahiyyətini, humanist tərəflərini təbliğ etməkdən ötrü dini qurumlara ianə verə bilər? İnanmıram. Ən böyük ölkə Amerika Birləşmiş Ştatlarıdır, orada da İslam dininə qarşı mübarizə gedir, Quranı yandırırlar. Norveçdə bir nəfər çıxıb dedi ki, mən istəmirəm, dünyada müsəlmanlar artsın. Ona görə gedib neçə nəfəri öldürdü və onu tutdular. Ancaq yüngül cəza verdilər. Əgər bu gün dünyada İslam dininə qarşı belə kəskin, aqressiv mübarizə gedirsə, mən inanmıram ki, hər hansı bir ölkə Azərbaycanda İslamın humanist mahiyyətini təbliğ etməkdən ötrü qrant ayırsın. Bu qrantlar başqa məqsədlərə xidmət edir. Hörmətli Əli müəllim də çox yaxşı qeyd etdi. Bu gün elə qeyri-hökumət təşkilatları var ki, sözdə humanistdirlər, amma əməli tamamilə ayrı sahələrə yönəlir. Ona görə də təqdim olunan bu qanun layihəsi çox düzgün və vaxtında hazırlanıb. Biz bunu qəbul etməliyik. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir


Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən təqdim edilən qanun layihələrindən yalnız biri haqqında – “Dini etiqad azadlığı haqqında” Qanunda edilən dəyişiklik barədə mülahizələrimi bildirmək istəyirəm. Bu dəyişikliyin lehinə səs verəcəyəm. Nəyə görə? Hər şeydən əvvəl ona görə ki, bu dəyişiklik dini etiqad azadlığı sahəsindəki fəaliyyətə şəffaflıq, nizam-intizam, qayda-qanun gətirir və mövcud boşluğu doldurur.
Son 200 illik tariximizdə ilk dəfə olaraq məhz müstəqillik illərində ölkəmizdə dindarlar azad nəfəs alırlar və dini etiqadlarını sərbəst, heç bir maneə olmadan icra edirlər. Dini ibadət yerləri təmir edilir, yeniləri tikilir. Ölkəmizdə din dövlətdən ayrı olsa da, bu azadlıq məhz dövlətin dinə qayğısı və qəbul edilən qanunlar əsasında yaradılıb. Ölkəmizdə din və dövlətin birgə fəaliyyətinin uğurlu nisbəti formalaşıb.
Ölkəmizdə ənənəvi olmayan dinlər üçün də normal şərait yaradılıb və bu baxımdan Azərbaycan dini tolerantlıq cəhətdən model bir ölkəyə çevrilib. Təbii ki, bütün bunlara asan yolla nail olunmayıb. Azərbaycan dindarları çarizmin təqiblərindən, 1920–1940-cı illərin repressiyalarından keçib bugünkü müstəqillik dövrünə qədər ağır bir yol gəliblər. Dövlət din üçün bütün şəraiti yaradıbsa, gərək din də dünyəvi dövlətin işlərinə müdaxilə etməsin. Bundan sui-istifadə edərək dini azadlığı anarxiya, xaos kimi qəbul edənlər, təəssüf olsun ki, hələ də var.
Bayaq deputat həmkarlarımız da söylədilər. Müxtəlif təmayüllü bəzi xarici təşkilatların Azərbaycanda din məsələlərinə müdaxilə etmək, millətimizin dini birliyini pozmaq üçün uğursuz cəhdlərinin şahidi olmuşuq. Ona görə də ianələrin verilməsində və istifadə edilməsində bir şəffaflıq lazımdır.
Hörmətli Ziyafət müəllim, mən burada bir məsələni xüsusi vurğulamaq istəyirəm. Azərbaycanda bir ənənəvi olan din, bir də qeyri-ənənəvi dinlər var. Qeyri-ənənəvi dinlərin təşkilatlarına veriləcək və ya verilən ianələr üzərində nəzarət varmı? İanələr verilərkən dindarlara müəyyən öhdəliklər qoyurlar, yoxsa qoymurlar? Bunun hüquqi tənzimlənməsi necədir? Mənə elə gəlir ki, bizim qanunlarımızda bu cəhətdən müəyyən boşluqlar var.
Bütün bunlara baxmayaraq, hesab edirəm ki, “Dini etiqad azadlığı haqqında” Qanuna edilən dəyişikliklər vacibdir, ölkəmizdə bu sahədə müəyyən qayda-qanunun yaradılmasına yönəldilib və şəffaflığı təmin edir. Eyni zamanda, dini qurumlarla dindarlar arasında münasibətlərə də bir şəffaflıq gətirir. Bu dəyişikliklər dindarların əleyhinə deyil, əksinə, onların hüquqlarının qorunmasına yönəldilib. Bu baxımdan qanun layihəsini əhəmiyyətli hesab edirəm və ona səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Sağ olun, Ziyafət müəllim. Azərbaycanda demokratik və açıq cəmiyyət quruculuğu istiqamətində ardıcıl addımlar atılır. Ölkəmiz Avropaya inteqrasiya edir və bugünkü qanun layihəsinin bizim çox hörmətli deputat həmkarımız, insan hüquqları ilə məşğul olan, savadlı hüquqşünas Çingiz Qənizadə tərəfindən təqdim olunması da bir daha dövlətimizin demokratik və açıq cəmiyyət quruculuğu istiqamətində apardığı işin bariz nümunəsidir.
Mən 1990-cı illəri yadıma salıram. O vaxtlar Azərbaycanda cəmi 3–4 qeyri-hökumət təşkilatı vardı və bunların fəaliyyəti də heç bir sənədlə tənzimlənmirdi və çox gərgin proseslər gedirdi. Əlbəttə, bu bir müddət davam etdi və biz axtarışda idik ki, bunu qanunla təsdiq edək.
Nəhayət, 2001-ci il iyunun 12-də möhtərəm Prezidentimiz, ulu öndərimiz Heydər Əliyev bu sənədə qol çəkdi. Mən yada salmaq istəyirəm ki, bu qanunun adı belə idi: “Qeyri-hökumət təşkilatları və ictimai birliklər və fondlar haqqında” Qanun. Düşünəndə bu qanunun miqyasının bir az da geniş olduğunu təsəvvür edə bilərik.
Əlbəttə, hüquqi baza formalaşandan sonra Qeyri-Hökumət Təşkilatları Şurası yaradıldı. Möhtərəm Prezidentimiz İlham Əliyev daha irəli getdi və dünyada çox az ölkədə mövcud olan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasını formalaşdırdı. Bildiyiniz kimi, bir neçə ildir ki, bu şuraya dövlət büdcəsindən vəsait ayrılır. Əlbəttə, həmin vəsaitin şəffaf xərclənməsi ətrafında çox ciddi iş gedir. Buna görə də mən düşünürəm ki, müqavilə bağlanması, qeydiyyatın aparılması çox vacib, önəmli məsələlərdəndir.
Mən bu qanun layihələrində olan məntiqi tutmuşam və bu məntiq də bizim hər birimizi həmin layihələrə səs verməyə yönəltməlidir. Burada məqsəd şəffaflığın təmin edilməsi, qeydiyyatın aparılması, heç bir gizli və fırıldaq işlərin görülməməsi, dolaşıq işlərin qarşısının alınması üçün hüquqi bazanın möhkəmləndirilməsidir. Hamınız yaxşı bilirsiniz ki, dünyanın bir sıra ölkələri min bir bəhanə ilə Azərbaycanda sabitliyi pozmaq, qatı-qutu işlərlə məşğul olmaq üçün bu və ya digər formada vəsaitlər ayırırlar. Həmin qanun layihələrinin əleyhinə olanların böyük bir qismi məhz bu səbəbdən bunları dəstəkləmirlər.
İki fikrim var, bunları səsləndirmək istəyirəm ki, layihədə bu məsələyə diqqət yetirsinlər. Birinci, biz burada “xeyriyyəçilik” sözünü yazsaq, onda həm qanunun, həm də qeyri-hökumət təşkilatlarının fəaliyyətinin məhdudlaşdırılmasına nail olarıq. Bu da ümumi işimizə çox mane olar.
Yada salmaq istəyirəm ki, bu yaxınlarda möhtərəm Prezidentimiz Gənclər Fondunu formalaşdırdı. Gənclər Fondu da vəsaitlərin xərclənməsində şəffaflığa nail olacaq. Digər bir məsələ. Mən çox hörmətli Prezidentimizə, Milli Məclisə, Sədrimiz Oqtay müəllimə minnətdaram. Biz “Sosial xidmət haqqında” Qanunda QHT-nin, fondların bu məsələyə cəlb olunmasını təsbit etdik, sizinlə birgə inqilabi bir addım atdıq, düşünürəm ki, çox düzgün etmişik. Bu gün qeyri-hökumət təşkilatları çox böyük məbləğdə və istiqamətdə sosial xidmətlər görəcəklər. Ona görə bu baxımdan şəffaflıq, köçürmələr vacibdir.
Yenə deyirəm, iki məsələ mühümdür. Birincisi, dediyim kimi, burada “xeyriyyəçilik” sözü yazılsa, onda çox məhdudiyyət qoymuş olarıq. Bu da ümumi işimizə mane olar. İkinci bir məsələni də deyim. Beynəlxalq təşkilatlarda rəqəmlərlə işləyən adamlar bunu bilərlər. Düşünürəm ki, 200 manatı bir az artırmaq olar. Dəqiq rəqəm demək istəmirəm, bu məbləğ bir az artsa, yaxşı olar. Mən hamınızı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Hörmətli deputatlar, təklif var ki, qanun layihəsini səsə qoyaq. Amma hər halda mən sizinlə məsləhətləşmək istəyirəm. Baxıram, burada bizim hörmətli deputat yoldaşlarımız çıxış üçün yazılıblar. Müzakirələrin gedişi zamanı məndə belə bir təsəvvür yarandı ki, hamı bu qanunda şəffaflığın olmasına tərəfdardır. Heç kim bunun əleyhinə deyil. Qüdrət müəllim də, Fazil müəllim də, Əli müəllim də, digər yoldaşlar da çıxış etdilər, hamı şəffaflığa tərəfdardır. Müəyyən texniki məsələlər var ki, hesab edirəm, onlar da zaman-zaman öz həllini tapacaq. Fazil bəy, inanın, bu qanunun qayəsi, məqsədi, fəlsəfəsi ancaq şəffaflıq olacaqdır. Yəni ölkəyə daxil olan pula dövlət olaraq nəzarət edək ki, gələn puldan təyinatı üzrə istifadə edilsin, vəssalam. Bu da maliyyə intizamının bir formasıdır. Hesab edirəm ki, burada iqtidar-müxalifət söhbəti olmamalıdır. Hamı buna tərəfdardır. Təkid edən yoxdursa, hörmətli Valeh Ələsgərova söz verim, sonra bu məsələyə münasibət bildirək. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Mən keçən iclasda Çingiz Qənizadə çıxış edəndə xahiş etdim ki, başqa ölkələrin qanunvericiliyi ilə bərabər Amerika Birləşmiş Ştatlarının 1938-ci ildə qəbul edilmiş Xarici Agentliklərin Qeydiyyatı Aktına da diqqət yetirsinlər. Çünki həmin qanun ortaya qoyulsa, oradakı məfhumlar izah edilsə, təklif etdiyiniz dəyişikliklər onlarla müqayisədə çox yumşaq, incə dəyişiklik kimi qəbul edilərdi. Ancaq buna keçməmişdən öncə iki təklifim var. Birinci, mətndə çox vaxt “xarici ölkələrin qeyri-hökumət təşkilatları” sözləri yazılır. Fikrimcə, bu bir balaca dəyişilməli, “xarici qeyri-hökumət təşkilatları” və ya “xarici yurisdiksiyada olan qeyri-hökumət təşkilatları” yazıla bilər. Xarici dövlətin qeyri-hökumət təşkilatı ola bilməz. Təbiətinə görə bu nonsensdir.
İkinci, biz bu məsələni müzakirə etdik. Burada “maddi və sair nemət” yazılır. Beynəlxalq hüquqda iki cür nemət var. Maddi və qeyri-maddi ingilis dilində “corporeal” və “incorporeal”. Səməd müəllim göstərir ki, düzgün istiqamətdə hərəkət edirəm. “Sair” deyəndə belə çıxır ki, üçüncü, dördüncü, beşinci də var. Üçüncü, dördüncü, beşinci yoxdur axı. İki cür nemət var: maddi və qeyri-maddi. Qeyri-maddi nemətə aid misal deyim. Patent sahibisiniz, bu patentdən istifadə etmək və ya onu kiməsə satmaq, hədiyyə etmək hüququnuz var. Bu, müəlliflik hüququ və ya ticarət nişanı da ola bilər. Yəni əldə saxlanılası bir şey deyil. “Coca-cola” ticarət nişanını saxlamaq, daşımaq mümkün deyil, amma onun dəyəri var, nemətdir.
Bayaq adını çəkdiyim sənədə gəldikdə isə “Foreign Agents Registration Act”, yəni “Xarici agentlərin qeydiyyat aktı” 1938-ci ildə qəbul edilmiş bir sənəddir. Bu sənəd mənim qarşımdadır. Əgər bu sənədi diqqətlə oxusanız, çox maraqlı məqamlar üzə çıxar. Misal üçün, anlayışlar olan hissədə kimin kim olduğu izah edilir. “Principal” kimdir? Səlahiyyət verən xarici, ya da başqa bir tərəf, şəxsdir, hüquqi şəxsdir, fərddir, kim olur olsun. Səlahiyyət verən tərəfin verdiyi səlahiyyət çərçivəsində agent funksiyasını yerinə yetirir. Burada “agent” cəsus deyil, şəxsin maraqlarını təmsil edən bir qurumdur və ya fərddir. “Principal” agent şəxs, qurum, o cümlədən dövlət qurumu da ola bilər. Dövlət qurumu olmasa da, onun nəzarətində olan orqan da ola bilər. Bunların hamısı bir-bir izah olunubdur. Amerika Birləşmiş Ştatlarında bunun hər hansı bir fəaliyyəti var, yoxsa yox?
Bir də, burada “ianə”, “qrant” deyirsiniz, 200 manatdan bəhs edildi. Burada söhbət təkcə puldan getmir. Bu aktda söhbət hər hansı bir manitar dəyəri olan, yəni pulla ölçülə bilən qrantdan, ianədən və sairdən söhbət gedir. Ona görə, fikrimcə, bunu da nəzərə almaq lazımdır.
Həmin aktın 612-ci paraqrafı “registration statement” adlanır, yəni burada qeydiyyatdan söhbət gedir. Burada bir neçə səhifədə izah edilir ki, kimlər necə, harada qeydiyyatdan keçməlidirlər. Qeydiyyatdan keçən də bir şəxs, Valeh Ələsgərov və ya başqası, qurum, bir neçə şəxsin toplumu və sair ola bilər. Hamısı qeydiyyatdan keçməlidir və kimin kim olduğu burada müəyyən olunmalıdır. Fəaliyyət göstərərək ianə alırsa, həmin ianədən istifadə edəndə kimləri işə cəlb edirsə, bu ianə ilə əlaqədar tam və ya qısa müddət ərzində kimlər xidmət göstərirsə, onlar da qeydiyyatdan keçməlidirlər. Kimdir, nəçidir, harada işləyir, harada yaşayır, hansı ölkənin vətəndaşıdır? Bunlar hamısı qeyd edilməlidir.
Sazişlər də nəzərə alınmalıdır. İanələr, qrantlar nəyin əsasında verilirsə, bunlar da qeydiyyatda olmalıdır. Səməd müəllim, burada yazılır: “Written agreement”, bu, yazılı saziş deməkdir. Each “Oral agreement”, yəni principialla, səlahiyyət verənlə agent arasında “şifahi saziş” varsa, hətta onun da məzmunu qeyd olunmalıdır.
Bəzi hallarda bu sənədi ancaq lobbiçilik fəaliyyəti ilə əlaqələndirirlər. Bu belə deyil, lobbiçilik fəaliyyəti bunların bir hissəsidir. Lobbiçilik fəaliyyətini tənzimləyən sənəd “Lobbying Disclosure Act” adlanır və 1995-ci ildə qəbul edilmişdir. Yəni sizin təqdim etdiyiniz, fəaliyyətdə olan qeyri-hökumət təşkilatlarının haradan ianə, qrant alması ilə əlaqədar bütün əlavə və dəyişiklikləri əhatə edən bir aktdır. Amma nədənsə heç kim buna təəccüblənmir, Amerika Birləşmiş Ştatlarının hökumətini nə söyən, nə döyən, nə tənqid edən, nə də söz azadlığının boğulduğunu söyləyən var. Üç-dörd cümlə əvəzinə bu aktı tərcümə edib qarşılarına qoysaydınız, onda necə olacaqdı? Onda adını nə qoyacaqdılar? Mən də razıyam ki, təqdim edilən əlavə və dəyişikliklərin tələbi birinci növbədə şəffaflıqdır. Sağlam iş görmək istəyən hər bir şəxs, qurum buna tərəfdar olmalıdır. Dövlət pulların haradan gəlib haraya getdiyini, necə istifadə olunduğunu bilməlidir. Bu, təbii bir tələbdir.
İcazə versəniz, bir kəlmə də Sabir müəllimin çıxışı ilə bağlı deyərdim. O, əlavə və dəyişikliklərdən danışdı, “yamaq” sözü işlətdi. Yazıçı, şair olaraq cürbəcür obrazlardan, ifadələrdən istifadə edə bilər. Amma bizə qarşı bir balaca düzgün sözlər istifadə olunmadı. Amerika Birləşmiş Ştatlarında adını çəkdiyim 1938-ci ilin aktına bu günə kimi onlarla əlavələr və dəyişikliklər edilibdir. Sabir müəllim neçə çağırışdır ki, burada oturub. İndi oxumasa da, yəqin, eşidib, bilir ki, əlavə və dəyişikliklər nə ilə əlaqədar qəbul olunur? Ölmüş qanun ola bilməz. Cəmiyyət inkişaf etdikcə qanunda da, qanunvericilikdə də inkişaf, hərəkət olmalıdır. Çox sağ olun. Əminəm ki, bunların hamısını qəbul edib, təklif olunan əlavə və dəyişiklikləri dəstəkləyəcəyik.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir


Sədrlik edən. Valeh müəllim, gözəl açıqlamaya görə çox sağ olun. Əgər başqa çıxış yoxdursa, xahiş edirəm, gündəliyin beşinci məsələsini…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, Çingiz müəllim qanunvericilik təşəbbüsü ilə çıxış edir. Buyursun Çingiz Qənizadə. Amma xahiş edirəm, qısa.
Ç.Qənizadə. Qısaca, bir dəqiqəyə fikrimi bildirim. Əvvəla, indi sadalamaq istəmirəm, həmkarlarımın bəzi iradları oldu ki, İnzibati Xətalar Məcəlləsində cərimələrin həddi yüksəkdir. QHT-lərin zəif fəaliyyəti onların mülkiyyəti ilə əlaqələndirildi. Mən hüquqşünas həmkarlarıma sadə bir misal demək istəyirəm. Biz yol hərəkəti qaydalarının pozulmasına görə İnzibati Xətalar Məcəlləsində cərimələrin həcmini artıranda orada yazmadıq ki, “Jiquli”nin sürücüsünü 20 manat, yaxud “Cip”in sürücüsünü 60 manat cərimələməliyik. Biz hamını bu qaydaları qorumağa dəvət edirik. Mən bu cür yanaşmanı qəbul edə bilmərəm.
Valeh müəllimin fikirlərinə, təbii ki, hörmətlə yanaşıram. Bayaq vaxt almamaq üçün çox geniş danışmadım. Valeh müəllimin təqdim etdiyi sənəd, doğrudan da, kifayət qədər dolğun sənəddir və əgər Amerika demokratiyanın beşiyi adlanırsa, biz ona istinad etməliyik. Hörmətli Valeh müəllim, bir şeyi də deyim. Bayaq uzun danışmaq istəmədim. Mən İngiltərənin bir sənədini əldə etmişəm. Bu sənədin adı “2011-ci il Xartiyası” adlanır. Bu sənəd hal-hazırda əlimdədir və 2006-cı ildə ilk dəfə qəbul olunub, 2011-ci ildə oraya əlavələr edilib. Tam əmin ola bilərsiniz ki, Amerikada 1938-ci ildə qəbul edilmiş sənəd burada öz əksini tapıb. Bundan başqa, biz bir çox Avropa ölkələrinin də qanunvericiliyinə ekskursiya etdik. Demək olar ki, bütün Avropa ölkələrində vəziyyət belədir, yəni şəffaflıq, hesabatlılıq və pul üzərində dövlət qurumlarının nəzarəti var. Burada hətta qeyd olunur ki, xeyriyyəçilik nədir, hansı hallarda tətbiq edilə bilər? Bütün bunları biz də qanuna tətbiq etmişik. Mən, sadəcə olaraq, bayaq vaxt almaq istəmədim. Bizim bütün məqsədimiz, təbii ki, bununla bağlıdır.
Bir məsələni də qeyd edim. Bir neçə həmkarım qeydiyyatdan keçməyən QHT-lərlə bağlı fikir bildirdi. Mən hesab edirəm ki, bundan sonra müvafiq icra hakimiyyəti orqanları dövlət nəzarətini hiss edib qeydiyyat məsələsində müəyyən yüngül prosedurları tətbiq edəcəklər. Biz də bu sahədə öz fəaliyyətimizi davam etdirəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gündəliyin 5-ci məsələsi “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri    (saat 17.11 dəq.)
Lehinə    97
Əleyhinə     3    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
6-cı məsələ “Qeyri-hökumət təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri    (saat 17.12 dəq.)
Lehinə    94
Əleyhinə     3    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
7-ci məsələ “Dini etiqad azadlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri    (saat 17.12 dəq.)
Lehinə    95
Əleyhinə     2    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri    (saat 17.13 dəq.)
Lehinə    92
Əleyhinə     3    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasın son məsələsi Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, xanımlar və cənablar! Son illər ölkəmizdə sosial müdafiənin bütün istiqamətlərində ardıcıl və səmərəli işlər görülür. Ən müasir şəraitə və imkanlara malik yüzlərcə məktəb, onlarca tibb ocağı, idman kompleksləri, uşaq müəssisələri, əlillər üçün reabilitasiya mərkəzləri və sair tikilib vətəndaşlarımızın istifadəsinə verilmişdir. Heç şübhəsiz, sosial müdafiə sahəsindəki fəaliyyətdə səhiyyəyə qayğı, tibb müəssisələrinin tikilməsi və əsaslı təmiri, müasir avadanlıqlarla təmin olunması mühüm yer tutur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev bu müəssisələrin açılışlarında etdiyi çıxışlarda əhalinin sağlamlığının qorunması ilə bağlı müvafiq orqanlara və icra hakimiyyətlərinə bir sıra tövsiyələr, müvafiq tapşırıqlar verir. Hamımızın daha çox yadında qalan tövsiyələrdən biri əhalinin, heç olmasa, ildə bir dəfə dispanserizasiyadan keçməsi məsələsidir.
Uşaqların sağlamlığının qorunması və möhkəmləndirilməsi dövlət və cəmiyyət üçün ən önəmli məsələlərdən biridir. Bu baxımdan uşaqların sağlamlığının qorunması məsələsi təkcə valideyn üzərinə qoyulmuş öhdəlik deyil, həm də ciddi sosial əhəmiyyətə malik olan dövlət işidir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Milli Məclisin müzakirəsinə təqdim etdiyi qanun layihəsi də bu sahənin dövlət tərəfindən tənzimlənməsinin vacibliyini önə çəkir, əhalinin təxminən yarısını əhatə edən uşaqların sağlamlığının qorunması, möhkəmləndirilməsi məqsədi ilə təşkilati, hüquqi əsasları müəyyən edir.
Əlbəttə, ölkədə uşaqların sağlamlığının qorunması üzrə böyük bir səhiyyə şəbəkəsi – uşaq poliklinikaları, xəstəxanaları, müəyyən xəstəliklər üzrə dispanserlər, uşaq sanatoriyaları mövcuddur və fəaliyyət göstərir. Lakin açıq etiraf etmək lazımdır ki, sahədə əlaqələndirmə məsələsi, strukturlaşdırma, sistemləşdirmə hələ istədiyimiz səviyyədə deyil.
Qanun layihəsi ölkə başçısının fəaliyyətinin başlıca məqsədi olan vətəndaşa və xalqa xidmət etmək siyasətinə cavab verərək qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə daxil olmuşdur. 3 fəsil, 16 maddədən ibarət olan qanun layihəsi qanunvericilik səviyyəsində ilk dəfə olaraq uşaqların sağlamlığının qorunması və onların normal fiziki inkişafının təmin edilməsi məqsədi ilə dispanserizasiya sisteminin əsaslı şəkildə qurulmasını nəzərdə tutur. Bu hüquqi sənəd dispanserizasiya, diaqnostika, müalicə və profilaktikadan ibarət olan tibbi yardım sistemini özündə ehtiva edir. Hörmətli deputat həmkarlarım, icazə verin, sizə qanun layihəsinin diqqətçəkən bəzi maddələri haqqında qısaca məlumat verim.
Qanun layihəsinin 4-cü maddəsi dispanserizasiyanın planlı, kompleks və sistemli həyata keçirilməsini, uşaqların sağlamlıq vəziyyətindən asılı olaraq müalicə-sağlamlaşdırıcı tədbirlərin seçilməsini və bunların hamı üçün mümkün olmasını özündə ehtiva edir.
5-ci maddə uşaqların icbari dispanserizasiyasının həyata keçirilməsi sahəsində dövlətin vəzifələrini nəzərdə tutur. Yəni bu qanunla dövlət öz üzərinə çox böyük öhdəliklər götürür. Layihə maliyyə tutumlu olmaqla vətəndaşları bir sıra çox ciddi qayğılardan azad edir. Qanun layihəsində göstərilən vəzifələrin yerinə yetirilməsi xəstəliklərin erkən aşkarlanmasına, xəstələrin uçotunun və qeydiyyatının aparılmasına, bu sahənin təkmilləşdirilməsinə, dispanser müşahidəsinin keyfiyyətinin yüksəldilməsinə, tibb müəssisələrinin texniki təchizatının yaxşılaşdırılmasına, o cümlədən avtomatlaşdırılmış qeydiyyat sisteminin tətbiqinə imkan verəcəkdir.
6.1.4-cü maddə də olduqca mühüm əhəmiyyətə malikdir. Belə ki, hər il uşaqların sağlamlıq vəziyyəti müəyyən edilməli, qiymətləndirilməli və xəstəliyi olan uşaqların dispanser qeydiyyatına götürülməsi təmin olunmalıdır.
7-ci maddə uşaqların icbari dispanserizasiyasının planlaşdırılması və həyata keçirilməsi ilə bağlı məsələləri tənzimləyir ki, bu da olduqca vacib əhəmiyyət kəsb edir. Nəticədə dispanserizasiyadan keçmiş bütün uşaqların ölkə üzrə dəqiq uçotu həyata keçirilir. Qeyd etmək lazımdır ki, qanunun işləməsi, tətbiqi üçün bir sıra qaydalar, sənədlər qəbul ediləcəkdir. Bunlardan biri də, əlbəttə, uşaqların icbari dispanserizasiyası ilə bağlı olacaqdır. Bildiyiniz kimi, Nazirlər Kabineti sonra bu qanunun işləməsi üçün bir sıra direktiv sənədlər qəbul edəcəkdir.
Qanun layihəsi ilk dəfə olaraq dispanserizasiyanın nəticələri əsasında uşaqların sağlamlıq qrupları üzrə təsnifatlandırılmasını nəzərdə tutur. Yəni xəstə və xəstələnmə riski olan uşaqlar dispanser qeydiyyatına götürülür və müalicə üçün təyinat alırlar. Eləcə də hər bir uşaq üçün fərdi reabilitasiya və sağlamlaşdırma proqramları tərtib edilir.
Qanun layihəsində göstərilir ki, Azərbaycan Respublikasının vətəndaşlarının və burada daimi yaşayan vətəndaşlığı olmayan şəxslərin, əcnəbilərin bütün uşaqlarını dispanserizasiya tədbirləri ilə əhatə etmək üçün dispanserizasiya təqvimi tutulacaq və məhz həmin təqvimə uyğun olaraq uşaqlar növbə ilə dispanserizasiyadan keçəcəklər. Digər maddələri diqqətinizə çatdırmaq istəmirəm. Bircə onu demək istəyirəm ki, qanun layihəsinə əsasən əhalinin, demək olar ki, yarıya qədər olan hissəsi, yəni 1–18 yaşa qədər olan uşaqlar bu qanunla əhatə olunacaq. Beləliklə, biz ölkə əhalisinin gələcəyinin sağlamlığını bu layihə ilə, sənədlə təsbit etmiş oluruq. Mən deputat həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən təklif edirəm, 5 dəqiqəlik çıxışlar edək ki, yazılan həmkarlarımızın hamısına vaxt çatsın. Buyursun Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm. Oqtay müəllim, Sizin təklifinizi dəyərləndirib 2 dəqiqə çıxış edəcəyəm. Amma çıxışımdan əvvəl bir söz demək istəyirəm. Bayaq Hadi müəllim müzakirə edilən qanunlarla bağlı qeyd etdi ki, onun əleyhinə olanlar ölkədə sabitliyin pozulmasının tərəfdarıdırlar. Biz də əleyhinə çıxdıq, amma ümid edirəm ki, iclas qurtarandan sonra ölkədə sabitlik pozulmayacaq. Qanun layihəsinin əleyhinə çıxanları belə qaralamaq doğru deyil.
Bu məsələ ilə bağlı olan qanun layihəsinin lehinə səs verəcəyəm. Çox vacib qanun layihəsidir. Amma çox istərdim ki, burada bir sıra müddəaların önündə, dövlətin vəzifələri sadalanan hissədə bu xidmətin pulsuz olduğu hər dəfə yazılsın, xatırlansın. Qanun layihəsində mən buna rast gəlmədim. Burada ümumi şəkildə verilir ki, uşaqlar sanatoriyaya, müalicəyə, kurorta göndərilirlər. Amma həmin fəaliyyətin pulsuz olması barədə heç nə bildirilməyib. Ona görə də təklif edirəm ki, bu məsələyə diqqət ayrılsın. Mütləq qeyd olunsun ki, bu fəaliyyət dövlət tərəfindən ödənişsiz edilir. Eyni zamanda, bu sahədə çalışan həkimlərin maaşı yüksək səviyyədə olmalıdır ki, xidmət göstərə bilsinlər. Hamıya məlumdur ki, insanlar uşaqlarını öz vəsaitləri hesabına ixtisaslı, savadlı həkimlərə aparıb özəl müəssisələrdə müayinə etdirirlər. Ona görə də dövlətin bu işi öz üzərinə götürməsinə, davam etdirməsinə, keyfiyyətli xidmət göstərilməsinə hamının ehtiyacı var. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Uşaqların sağlamlığının qorunması cəmiyyətin hər bir üzvü kimi bizlərin də arzusudur. Çünki ən azından hər birimiz övlad sahibiyik, valideyinik. Əlbəttə, bizim üçün övladlarımızın sağlamlığı hər şeydən öndə gəlir. Odur ki, bu qanun layihəsinin müzakirəsini yüksək qiymətləndirirəm və qəbul edilməsini zəruri sayıram. Belə bir qanun qəbul olunursa, deməli, buna zərurət var. Zərurət isə ondan irəli gəlir ki, həqiqətən də, cəmiyyətdə dövlət qayğısına və müalicəyə ehtiyacı olan uşaqlar çoxdur.
O zaman sual olunmalıdır ki, bu xəstəliklərin səbəbi nədir? Bir çox uşaq anasının bətnində müxtəlif xəstəliklər qazanır. Bəlkə də bu xəstə körpəni dünyaya gətirən ana həyat yoldaşının və ya özünün sağlamlıq vəziyyəti barədə məlumatlı olmayıb. Bunun nəticəsində də uşaq bəzən irsi və qan xəstəlikləri ilə dünyaya gəlir. Hesab edirəm ki, biz bu məsələ ilə bağlı “a”nı deyirik, “b”ni demirik. Mən yaz sessiyasının ilk iclasında da bu məsələni səsləndirmişəm. Söhbət ondan gedir ki, nikaha daxil olan şəxslər təqdim etdikləri ərizə ilə yanaşı, tibbi arayışı da qeydiyyat şöbəsinə verməlidirlər. Beləliklə də, bu insanlar gələcək həyat yoldaşlarının səhhəti haqqında ətraflı məlumat əldə etmiş olurlar. Bildirmək istəyirəm ki, tibbi arayış məsələsini həll etmədikcə respublikamızda irsi xəstəliklərdən, qan xəstəliklərindən əziyyət çəkən uşaqların doğulması davam edəcəkdir.
Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsini çox yüksək qiymətləndirirəm. Amma yenə də bu fikirdəyəm ki, biz ilk növbədə tibbi arayış məsələsini həll etməliyik. Başa düşə bilmirəm ki, bu məsələnin müzakirəsinə nə mane olur? Ən azından tibbi arayış məsələsini Milli Məclisin gündəliyinə daxil edib müzakirə edək ki, digər həmkarlarımızın da bununla bağlı fikirlərini öyrənək. Sizə əminliklə deyirəm ki, nikaha daxil olarkən tibbi arayışın da verilməsini təmin etməklə uşaqların dünyaya sağlam gəlməsinə böyük töhfə vermiş olacağıq. Mən bu qanun layihəsinin qəbul olunmasına tərəfdaram və ona səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Milli Məclisin plenar iclasına təqdim olunmuş Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsi mühüm bir məsələyə həsr edilmişdir. Məlumdur ki, vətəndaşların mənəvi və fiziki sağlamlığının qorunması Azərbaycan dövlətinin əsas vəzifələrindən biri olmaqla, ölkə başçısı cənab Prezident İlham Əliyevin daimi nəzarətindədir. Bu baxımdan gələcəyimiz olan uşaqların sağlamlıqlarının kiçik yaşlardan başlayaraq qorunması və möhkəmləndirilməsinə yönəldilmiş tədbirlərin həyata keçirilməsinə, uşaqlar arasında xəstələnmə hallarının, sağlamlıq imkanları məhdudluğunun və ölümün səviyyəsinin azaldılmasına, uşaqların xəstəliklərdən qorunmasına xidmət edəcək qanun layihəsini dəstəkləyərək, onun əhəmiyyətini bir daha vurğulamaq istəyirəm.
Eyni zamanda, bir pedaqoq kimi bu sahə ilə bağlı təcrübəmə əsaslanaraq bəzi təkliflərlə çıxış etmək istərdim. İlk təklifim ondan ibarətdir ki, bu qanun layihəsində dispanserizasiya sahəsində təhsil müəssisələri ilə şagirdlər arasında olan davamlı və sıx münasibətləri əks etdirmək pis olmazdı. Nəzərə almaq lazımdır ki, bir sıra hallarda təhsil müəssisələri uşaqlarla nəinki tibb müəssisələri, hətta bəzən onların qanuni nümayəndələrindən – valideynlərindən də sıx münasibətdə olurlar. Uşaqların sosial həyata uyğunlaşmaları, onlarda ilkin tibbi bilik və vərdişlərin formalaşdırılması, gigiyenik maarifləndirmənin aparılması və sair məsələlər məktəblərin üzərinə düşür. Nəzərə alaq ki, dispanserizasiya tədbirləri müəyyən dövrə əsaslanır, yəni qanunda göstərildiyi kimi, təqvim ilinə əsaslanan illik profilaktik baxış və müşahidə ilə məhdudlaşır. Belə olduğu halda məktəb – tibb müəssisəsi – valideyn münasibətlərində həmin təhsil müəssisələrinin üzərinə xüsusi yük düşür. Bu baxımdan qanun layihəsində həmin münasibətlərin tənzimlənməsi məsələsinə ayrıca maddələr şəklində baxıla bilərdi. Nəzərə alsaq ki, dispanserizasiya icbari xarakter daşıyacaq, qeydiyyata alınma prinsipinə əsaslanacaq, bu isə məsələnin əhəmiyyətini daha da artırır.
Digər tərəfdən bəzən uşaqların qanuni nümayəndələri, valideynləri də dispanserizasiyadan və uçota alınmadan yayınırlar. Yəni təcrübədə belə hallara da rast gəlinir, onlar yaşayış yerlərini dəyişmələrinə baxmayaraq, bu barədə müvafiq orqanlara məlumat vermirlər. Bir halda ki söhbət icbari dispanserizasiyadan gedir, bu icbariliyin mexanizmi də qanun layihəsində əks olunmalıdır. Unutmaq olmaz ki, müayinənin gecikdirilməsi gələcəkdə təkcə həmin xəstə uşağın deyil, onlarla digər sağlam şagirdin də həyatını təhlükəyə ata bilər.
Qanun layihəsinin 15-ci maddəsində dispanserizasiyadan yayınan şəxslərin məsuliyyəti haqqında məlumat verilsə də, bunun konkret mexanizmi göstərilmir. Qanun layihəsində “icbari” sözündən istifadə edilirsə, bu prosedur, doğrudan da, məcburi xarakter daşımalı və məsuliyyətin hədləri müəyyən edilməlidir. Fikrimcə, variantlardan biri qeydiyyat qaydalarının pozulması hallarında inzibati xətalar üçün nəzərdə tutulan sanksiyaların buraya da şamil edilməsi və az da olsa, cərimə məbləğinin tutulması ola bilər.
Qanun layihəsinin 9-cu maddəsində hər bir uşaq üçün xüsusi kartın doldurulması nəzərdə tutulur. Təklif edirəm ki, bu kart həm də elektron variantda hazırlansın, ölkə üçün vahid elektron məlumat bankı yaradılsın. Bu da bir sıra prosedurların sadələşdirilməsinə imkan verəcək.
10-cu maddədə uşaqlara dövlət tibb müəssisələrində icbari dispanser xidmətinin göstərilməsindən və bunun dövlət büdcəsi hesabına maliyyələşdirilməsindən söhbət gedir. Lakin bizə məlumdur ki, bu gün bir sıra ailələr özəl klinikaların xidmətindən istifadə edirlər. Hətta peyvənd kimi ümumi icbari prosedurlar da özəl klinikalarda həyata keçirilir. Qanun layihəsində isə yalnız dövlət müəssisələrindən söhbət gedir. Yaxşı olardı, bu məsələ aydınlaşdırılsın. Dispanserizasiya özəl xidməti nəzərdə tutur, yoxsa yalnız dövlət müəssisələrinə aid edilir?
13-cü maddədə dispanserizasiyadan keçmək uşaq və onların qanuni nümayəndələrinin hüququ kimi göstərilir. Bunu vəzifə kimi müəyyən etmək bəlkə də daha doğru olardı. Qanun layihəsi özlüyündə çox müsbət xarakter daşıyır. İlk oxunuşda qəbul olunmasını təklif edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Buyursun Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Mən də hesab edirəm ki, qanun layihəsi bu gün üçün çox vacibdir. Komitədə müzakirə edəndə də mən öz fikrimi demişəm. Doğrudan da, biz bu gün sağlam nəsil böyütmək istəyiriksə, bu qanun layihəsini qəbul etməli və onu həyata keçirməliyik. Qanunun adı ilə bağlı çox mübahisə etmək olar. Burada uşaqların icbari profilaktik müayinədən keçirilməsindən söhbət gedir. Belə bir qanun dünyanın bir çox ölkələrində həyata keçirilir və həddindən artıq böyük maliyyə tutumuna malikdir. Möhtərəm Prezident cənab İlham Əliyev müxtəlif görüşlərdə, o cümlədən Saatlıda Mərkəzi Klinikanın açılışı zamanı çıxışında bütövlükdə əhalinin ildə azı bir dəfə profilaktik müayinədən keçirilməsi məsələsini qaldırmışdı. Biz isə bu məsələni uşaqlardan başlayırıq. Mənə belə gəlir ki, bu daha məqsədəuyğundur. Burada icra hakimiyyətlərinin üzərinə böyük məsuliyyət düşür.
Hesab edirəm ki, burada ilk növbədə dispanserizasiya dediyimiz profilaktik tədbirlərin həyata keçirilməsinin standartları hazırlanmalıdır. Bu standartlar keyfiyyətə əsaslanmalı, beynəlxalq tələblərə cavab verməlidir. Eyni zamanda, alqoritmlər hazırlanmalıdır ki, hansı müayinədən sonra hansı keçiriləcəkdir? Dispanserizasiyadan keçəcək uşaqların registri aparılmalıdır. Beləliklə, burada səhiyyə işçilərinin üzərinə çox böyük, məsuliyyətli və çətin bir iş düşür.
Düşünürəm ki, ən vacib məsələ əhali arasında maarifləndirmə işinin aparılmasıdır. Yəni mentalitetimizi və indiyə qədər dispanserizasiyaya olan münasibətimizi nəzərə alaraq əhali arasında maarifləndirmə işi aparmalıyıq, yoxsa yaxşı nəticə əldə edə bilməyəcəyik. Komitədə müzakirə zamanı da dedim, bu işi bir qədər gücləndirmək lazımdır.
Burada müəyyən sanksiyaların nəzərdə tutulması ilə bağlı təkliflər səsləndi. Mənə belə gəlir, sanksiyalarla insanları məcbur edə bilməyəcəyik ki, uşaqlarını profilaktik müayinədən keçirsinlər. Bu istiqamətdə təbliğat və maarifləndirmə işlərinə çox böyük ehtiyac duyulur.
Oqtay müəllim, digər bir məsələni də qeyd etmək istərdim. Elmira xanım dedi, şübhəsiz ki, irsi xəstəliklər ağır xəstəliklərdir. Ancaq onlar xəstəliklərin kiçik bir qrupudur. Uşaqlar arasında böyük tələfat verən başqa patologiyalar var. Həmin patologiyaların vaxtında aşkara çıxarılması, onların məqsədyönlü ixtisaslaşdırılmış klinikalarda müalicəyə göndərilməsi uşaqlar arasında həm xəstələnmə hallarının faizini azaldacaq, həm də profilaktika tədbirləri ilə xəstəliklərin qarşısını almaq mümkün olacaqdır.
Bu profilaktik müayinələrə bütün əhalinin cəlb edilməsi çox böyük əhəmiyyət kəsb edir. Bilirik ki, insanlar arasında tələfat törədən patologiyalar ürək-damar patologiyası, bədxassəli şişlər və başqa xəstəliklərdir. Bunlara 50 yaşdan yuxarı insanlarda daha çox təsadüf olunur. Ona görə mənə elə gəlir ki, növbəti addım bütövlükdə əhalinin profilaktik tədbirlərlə əhatə edilməsi olmalıdır. Düzdür, buna çox böyük vəsait lazımdır, ancaq ölkəmizdə aparılan siyasət sosial yönümlüdür. Cənab Prezidentin bu məsələyə münasibətini bilirik. Ona görə mənə belə gəlir ki, yaxın gələcəkdə bütövlükdə əhalini bu tədbirə cəlb etməliyik. “Dispanserizasiya” sözündən xoşum gəlmir.
Sədrlik edən. Sağ olun, Əhliman müəllim. Sevinc Fətəliyeva.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Şübhəsiz ki, gələcək nəsillərin sağlamlığı bu günün uşaqlarının sağlamlığı ilə bağlıdır. Bu baxımdan dünya səhiyyəsində özünü doğruldan, uşaqların icbari dispanser nəzarəti sosial əhəmiyyət kəsb edən müzakirə mövzusuna çevrilir. Müharibə şəraitində olan ölkədə köçkünlük həyatı yaşayan yaşlılarla bərabər uşaq və yeniyetmələrin sağlamlığı da bizi narahat etməlidir. Çətin məişət şəraitində yaşayan uşaq və yeniyetmələrin sayı kifayət qədərdir. Bir sıra xəstəliklər davamlı nəzarət, müalicə, yoxlamalar tələb edir. Vərəm, endokrin xəstəliklər, sinir-psixiki və sair xəstəliklər uzunmüddətli müalicə və nəzarət tələb edir.Tibbin və səhiyyənin inkişafına dövlət tərəfindən kifayət qədər vəsait ayrılır və bu da öz növbəsində lazımi tədbirlərin keçirilməsi üçün şərait yaradır.
Uşaqların sağlamlığının monitorinqi, informasiya bazalarının yaradılması və onların əsasında dispanser nəzarətinin aparılması tibb müəssisələrinin fəaliyyətində öz yerini tapmalıdır. Bu yolla təkcə xəstəliklərin aşkarlanması deyil, eyni zamanda, müalicənin nəticələrinin izlənməsi də mümkün olar. Müzakirə olunan qanun layihəsi uşaqların tibbi taleyini nəzarətdə saxlamağa şərait yaradacaq. Müxtəlif xəstəliklərə meyilli uşaqların risk qruplarına ayrılması onların icbari dispanserizasiyası vasitəsilə mümkün olacaqdır. Yeni, sağlam nəslin formalaşması dövlətin genetik fondunun sağlam olacağı deməkdir. Bu baxımdan “Uşaqların icbari dispanserizasiyası haqqında” Qanunun qəbulunun vaxtıdır və mən bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Buyursun Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Mən də öz növbəmdə həmkarlarımın fikirlərinə qoşuluram. Bu gün müzakirəmizə verilmiş Uşaqların icbari dispanserizasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsini çox yüksək qiymətləndirirəm və möhtərəm Prezidentimizə bir uşaq həkimi kimi minnətdarlığımı bildirirəm.
Azərbaycan cəmiyyəti, xalqı, ailəsi üçün uşağın xüsusi önəmi var. Bizim üçün ailənin mahiyyəti uşaqdır. Ona görə möhtərəm Prezidentimizin imzası ilə belə bir qanun layihəsinin parlamentin müzakirəsinə verilməsi bütün Azərbaycan ailələrində ona qarşı olan məhəbbəti ikiqat artırır. Həqiqətən də, bu gün tibbi sığortanın olmadığı bir dövrdə Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsinin müzakirəsi, qəbul edilməsi boşluğu doldurur. Hesab edirəm ki, qanun layihəsi həmkarlarımız tərəfindən dəstəklənəcəkdir. Bu gün, təbii ki, birinci oxunuşdur və biz layihəyə konseptual nöqteyi-nəzərdən qiymət veririk, inşallah, ikinci oxunuş zamanı təkliflərimizi də verəcəyik.
Bugünkü iclasda çox hörmətli mütəxəssislərimiz iştirak edirlər. Respublikada pediatriya sahəsi üzrə tanınmış alim, baş pediatr Nəsib Quliyev buradadır. Mənim həm Nəsib müəllimə, həm də qanun layihəsini təqdim edən Hadi müəllimə sualım var. Bu günə qədər Azərbaycanda uşaqların patronaj xidməti var idi. Yəni uşaq ana bətninə düşən gündən ona həkimlər və tibb bacıları tərəfindən xüsusi patronaj xidməti göstərilirdi. Xəstə uşaqlar, sağlam doğulmuş uşaqlar üç günlüyündə, iki həftəliyində, ayda bir dəfə mütəxəssis həkimlər tərəfindən yoxlanırdı.
Mənim sualıma, yəqin ki, hörmətli professorumuz Nəsib Quliyev cavab verəcək. Bu qanun layihəsi patronaj xidmətini daha da mükəmməlləşdirir, yoxsa Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsi artıq qüvvədən düşmüş olur?
Konseptual oxunuş olduğuna görə maddələrə keçmirəm, təkliflərimi növbəti oxunuşda verəcəyəm. Bu qanun layihəsində qaçqın uşaqları ilə bağlı ayrıca maddənin verilməsi mümkündürmü? Bildiyiniz kimi, erməni işğalı zamanı 1 milyona qədər vətəndaşımız, soydaşımız qaçqın və məcburi köçkün oldu, çadır düşərgələrində doğulan uşaqlarımız var. Hələ də ev deyəndə bəzi uşaqların gözlərinin qarşısına çadır gəlir, onlarda psixoloji problemlər var. Bu bir reallıqdır. Bəlkə bu qanun layihəsinə qaçqın uşaqların icbari dispanserizasiyası ilə bağlı ayrıca bir maddə əlavə olunsun? Mən bu qanun layihəsini dəstəkləyirəm və növbəti oxunuşda təkliflərimi verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, mən də Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsi ilə ətraflı tanış oldum. Bütövlükdə, konseptual baxımdan onu təqdir edirəm. Layihə kifayət qədər ətraflı işlənilib və mən bunun lehinə səs verəcəyəm. Burada iki, daha doğrusu, üç məsələyə toxunmaq istərdim.
Əvvəlcə onu qeyd etmək istəyirəm ki, səhiyyə sahəsində xüsusilə də uşaqların sağlamlığı ilə bağlı, maarifləndirmə məsələlərinə çox böyük diqqət yetirilməlidir. Təqdim olunan qanun layihəsində də maarifləndirmə sahəsində görüləcək işlər barədə çox ətraflı yazılıb. Qeyd etmək istəyirəm ki, Elmira xanım Axundovanın, Əhliman müəllim Əmiraslanovun və digər həmkarlarımın səsləndirdikləri fikirlərlə tam həmrəyəm. Biz nəinki uşaqların, eləcə də bütün əhalinin dispanserizasiyasını təşkil etməliyik. Qeyd edildi ki, bu çox böyük maliyyə vəsaiti tələb edir. Amma heç olmasa, ilk addım olaraq bütün əhalinin müxtəlif qan təhlillərini aparmalıyıq. Hepatit C, hepatit B geniş yayılmış viruslardır. Bilirsiniz ki, ilbəil bədxassəli şiş xəstəlikləri artır. Azərbaycanda, xüsusilə Bakı şəhərində bunların sayı olduqca çoxdur. Ona görə ildə bir dəfə ağ ciyərin rentgendən və ya flüoraqrafiyadan keçirilməsi vacibdir. Daha sonra qadınların mamoqrafiyası mühümdür. Bütün maarifləndirici yazılarda, kitablarda vurğulanır ki, qadınlar ildə bir dəfə mamoqrafiyadan, kişilər isə prostat vəzinin müayinəsindən keçməlidirlər. Yəni bir neçə istiqamətdə müayinə bütün əhali üçün təşkil olunmalıdır. Bu son dərəcədə vacibdir.
Bu qanun layihəsi ilə əlaqəli daha bir məsələni qeyd etmək istərdim. Mən bu günlərdə psixonevroloji uşaq evində oldum və orada saxlanılan müxtəlif ağır xəstəliklərə tutulmuş azyaşlı uşaqları gördüm. Həmin uşaqlar artıq o vəziyyətdə doğulublar. Orada hidrosefaliya, serebral iflic, Daun sindromu olan uşaqlar saxlanılır. Bu uşaqlar da iki qismə bölünür.
Bir qisim uşaqlar bu uşaq evinə valideynlər tərəfindən verilibdir və bir neçə il müalicədən sonra onları yenidən öz ailələri götürəcək, amma bir qisim uşaqlardan artıq doğum evində imtina edilib. Mən bu məsələyə diqqəti cəlb etmək istərdim. Biz hərtərəfli iş aparmalıyıq ki, cəmiyyətdə bu kimi hallar olmasın. Xəstə uşaqdan artıq doğum evində imtina edilməsi iki amillə bağlıdır. Valideyn əvvəldən bilir ki, həmin uşağı saxlaya, müalicəsini təmin edə bilməyəcək, yəni maddi baxımdan çətinlik çəkir. Belə xəstə uşaqlara baxmaq üçün dövlət tərəfindən ayrılan təqaüdün miqdarını mümkün qədər artırmalıyıq ki, həmin ailələr maddi baxımdan çətinlik çəkməsinlər.
Mən hesab edirəm, bütövlükdə cəmiyyətdə geniş maarifləndirmə işi aparılmalıdır ki, heç bir halda valideyn öz övladından, xüsusilə də xəstə övladından imtina etməsin. Bununla bütövlükdə cəmiyyət geniş mübarizə aparmalıdır. Düşünürəm ki, bu barədə videoroliklər hazırlana bilər. Yəni aşılanmalıdır ki, xəstə uşaqdan imtina etmək olmaz.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Gövhər xanım, sağlamlıq məsələsi çox böyük, zəncirvarı bir məsələdir. Yəni bunların hamısını biz indi burada danışa bilmərik. Hazırda söhbət uşaqların dispanserizasiyasından gedir. Gələcəkdə belə qanunlar çox olacaq. Ona görə xahiş edirəm, bu qanun layihəsi ilə bağlı danışın. Buyursun Hikmət Atayev.
H.Atayev. Sağ olun. Oqtay müəllim, bu çox vacib qanundur və hesab edirəm ki, qəbul olunmalıdır. Ancaq fikrimcə, onu qəbul etməzdən qabaq 100 dəfə ölçüb-biçməliyik ki, bu qanun reallaşa bilsin.
Yadınızdadırsa, sovet dövründə “всеобщая диспансеризация населения” aparılırdı. Yəni bütün əhali dispanser uçota götürülürdü. Ancaq həmin qanun qəbul edilsə də, işləmədi. Çünki onun həyata keçirilməsi üçün lazım olan maliyyə tutumu nəzərə alınmamışdı. Ona görə də kağız üzərində qaldı. Bizim müzakirə etdiyimiz qanun layihəsi çox vacib olduğuna görə hesablamalıyıq ki, hansı şəkildə və hansı həcmdə həyata keçirə bilərik.
Burada “Əsas anlayışlar” adlanan 1-ci maddənin 1.1.1-ci bəndində “uşaqların dispanserizasiyası” anlayışı hissəsində uşaqların müayinəsi, profilaktikası və müalicəsindən, sonrakı maddələrdə isə müalicənin dövlət hesabına olmasından bəhs edilir. Bu çox böyük maliyyə tutumlu bir işdir. Ümumiyyətlə, müayinə özü çox vəsait tələb edir. Təsəvvür edin ki, burada əhalinin üçdə birini təşkil edən uşaqların müalicəsindən söhbət gedir. Bilirsiniz ki, ürək xəstəliklərinin əməliyyatı 10 min manatdan baha başa gəlir. Mənə elə gəlir ki, biz bunları qanuna salmamalıyıq. Nəyə görə? Ona görə ki, “Əsas anlayışlar”da “dispanserizasiya” anlayışı bir qədər genişləndirilmiş şəkildə verilib. Dispanserizasiya nədir? Deməli, səhiyyə sistemində klinik əlamətlər olmadan xəstəliyin aşkar edilməsi strategiyasına skrininq deyilir. Skrininq ingilis sözüdür və özündə iki mənanı – seçməni və çeşidləməni ehtiva edir. SSRİ zamanı bu söz “dispanserizasiya” ilə əvəz olunmuşdu. Yəni dispanserizasiya həmin skrininqdir.
Sağlam əhalinin müayinəsi və xəstəliklərin aşkar edilməsi bir çox dövlətlərdə var. Biz bu qanunun əhatəsini məhdudlaşdırmalıyıq. Sonra lazım olsa, ayrı-ayrı xəstəliklərə görə əlavə dispanserizasiya apara bilərik. Məsələn, ürək xəstəlikləri ayrı dispanserizasiya olsun. O zaman biz artıq deyə bilərik ki, bu xəstəlik dövlət hesabına, yoxsa hər hansı bir vasitə ilə müalicə olunmalıdır, o cümlədən başqa xəstəliklər də. Hesab edirəm ki, biz bu qanunun işləməsi üçün mütləq onun maliyyə tutumunu nəzərə almalıyıq, çünki ölkəmizdə 3 milyon uşaq var. Onların hər il bir dəfə müayinəsi üçün çox böyük vəsait lazımdır. Hələ ki, ilkin mərhələdə biz ancaq müayinə və qeydiyyata götürülməklə kifayətlənsək, bu daha yaxşı olar. Gələcəkdə imkan olarsa, ayrı-ayrı xəstəliklər üzrə dispanserizasiyanı artırarıq.
Ümumiyyətlə, mən hesab edirəm ki, biz birinci növbədə səhiyyə haqqında qanun işləyib hazırlamalıydıq. Yəni müəyyənləşdirərdik ki, Azərbaycanda hansı səhiyyə növləri var, bu növlərin vəzifələri nələrdir. Misal üçün, dispanserizasiya dövlət səviyyəsində aparılmalıdır. Ancaq müalicə, misal üçün, ürək xəstəliklərinin müalicəsi bir özəl səhiyyə müəssisəsində, digər xəstəliklərin müalicəsi isə başqasında aparıla bilər. Yəni biz səhiyyə müəssisələrinin növlərini müəyyənləşdirməliyik. Bu hələ ki, sonrakı məsələdir. Təklif edirəm ki, bu skrininqi elə skrininq həcmində götürək, müalicə məsələsini isə buradan çıxaraq. O zaman qanun real həyata keçə bilər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkliflər aydındır. Maliyyə tutumu da ölçülüb. Biz indi bu qanun layihəsini qəbul edirik və bu da sonuncu deyil. Qarşıda hələ Tibbi sığorta haqqında qanun layihəsi olacaq. Bu məsələlər hamısı addım-addım həll olunur. Biz hər şeyi eyni vaxtda həll edə bilmərik. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Sözün doğrusu, bu qanun layihəsi milli genefondumuzun qorunması baxımından inqilabi əhəmiyyətə malikdir. Burada hörmətli akademikimiz Əhliman müəllim Əmiraslanov bildirdi ki, nəinki uşaqların, hətta yaşlı nəsillərin də, Prezidentin söylədiyi kimi, ildə bir dəfə dispanserizasiyadan keçmələri hökumət tərəfindən nəzarətdə saxlanmalıdır. Amma biz 11 ildir, – artıq 12-ci ilə keçib, – “İcbari sığorta haqqında” Qanun qəbul etmişik. Hansı səbəbdənsə onun tətbiqinə başlamırıq. Hesab edirəm ki, “İcbari sığorta haqqında” Qanun tətbiq olunmağa başlasa, onda vətəndaşlar ildə bir dəfə, hətta 6 ayda bir dəfə sığorta şirkətlərinin hesabına bu müayinədən keçə bilərlər və xəstəliyin ilkin mərhələsində də müalicə olunarlar. Nəticədə sonrakı maliyyə itkilərinin qarşısı alınar. Bilirsiniz ki, insanlar xəstələnirlər, işə çıxmırlar, ancaq dövlətdən maaş alırlar, bundan başqa əlilliyə görə pensiya alırlar. Bu isə böyük vəsait itkisi deməkdir.
Yaxşı ki, deputat həmkarlarımız arasında həkimlərin sayı kifayət qədər çoxdur və məndən öncə çıxış etdilər. Hörmətli professor Nəsib müəllim də burada iştirak edir. Mən qeyd etmək istəyirəm ki, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa görə bu cür sənədlər Milli Məclisə daxil olanda mütləq maliyyə arayışı təqdim edilməlidir. Yəni qanun layihəsini cənab Prezident göndəribsə, burada müvafiq maliyyə qurumlarının qanunun maliyyə tutumu barədə məlumatı da qeyd olunmalıdır. Bizə deyilməlidir, bu layihəyə nə qədər vəsait sərf olunur. Hesab edirəm ki, həmin vəsaitin məbləği böyükdür.
Hikmət müəllim təkcə müalicə ilə bağlı söylədi. Ancaq 11.1.5-ci maddədə qeyd olunur ki, hətta xəstələnmə riski olanda belə onların barəsində müəyyən sağlamlaşdırıcı tədbirlər həyata keçirilməlidir. Burada müəyyən tibbi əməliyyatlardan, ürək əməliyyatlarından, yaxud müxtəlif viruslardan söhbət gedir. Məsələn, Hepatit C virusuna yoluxmuş xəstələrin adi bir iynəsinin qiyməti 200 manata yaxındır, halbuki həftədə bir dəfə həmin iynə vurulmalıdır. Bu, doğrudan da, böyük maliyyə vəsaiti tələb edir.
Amma Allaha şükür ki, – Elman müəllimin də qeyd etdiyi kimi, – bu gün dövlətimizin imkanı var. Əgər millətin gələcəyindən, sağlam nəslin böyüməsindən söhbət gedirsə, buraya maliyyə vəsaiti tapmaq olar. Hesab edirəm ki, bu məqsəd üçün lazım olan qədər maliyyə ayrılmalıdır. Yəqin, qanun layihəsi hazırlananda bu məsələlər nəzərə alınıb. Amma ümid edirəm ki, hörmətli Hadi Rəcəbli ikinci oxunuşa qədər bizə təqribi bir məlumat verər. Yəni ictimaiyyətə də aydın olsun ki, bu qanun dövlətə hansı vəsait hesabına başa gəlmiş olacaq. Mən layihəyə birinci oxunuşda səs verəcəyəm. Çünki hesab edirəm ki, bu qanun layihəsi xalqımız üçün çox önəmli və əhəmiyyətlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Siz dediniz, “İcbari sığorta haqqında” Qanun qəbul edilib. Ancaq mən tibbi sığortadan danışdım. Bizdə tibbi sığorta haqqında qanun hələ qəbul olunmayıb. Bunlar ayrı-ayrı məsələlərdir. İnşallah, tibbi sığorta haqqında qanun qəbul olunanda bir çox məsələlər öz həllini tapacaq. Çox sağ olun. İndi icazənizlə, Səhiyyə Nazirliyinin Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru hörmətli Nəsib Quliyevə söz verək.
N.Quliyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş pediatrı, K.Fərəcov adına Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru.
Möhtərəm cənab Sədr, çox hörmətli millət vəkilləri! Birincisi, mənə söz verdiyiniz üçün sizin hər birinizə dərin ehtiramımı, təşəkkürümü bildirirəm. Hamınıza məlumdur ki, Azərbaycan səhiyyəsinin strategiyası, o cümlədən də ölkəmizdə anaların və uşaqların mühafizə işinin əsası xalqımızın ümummilli lideri dahi Heydər Əliyev tərəfindən qoyulmuşdur.
Biz uşaq həkimləri olaraq çox sevinirik ki, bu siyasət möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həm çox böyük uğurla, həm də yaradıcılıqla davam etdirilir. Hər birinizə məlumdur ki, Azərbaycanda 2003-cü ildən bu vaxta qədər uşaqların sağlamlığı ilə bağlı bir sıra qanun və dövlət proqramları qəbul edilmişdir. Hesab edirəm ki, çox hörmətli millət vəkillərinin müzakirəsinə təqdim olunmuş Uşaqların icbari dispanserizasiyası haqqında qanun layihəsi də bu illər ərzində aparılmış işlərin məntiqi davamı və nəticəsidir. Ona görə də biz həkimlər və səhiyyə işçiləri adından ölkə Prezidentinə dərin ehtiramımızı bildiririk.
Burada hörmətli millət vəkilləri öz sözlərini söylədilər. Mən qısaca olaraq demək istəyirəm ki, uşaqların dispanserizasiyası Azərbaycanda sıfırdan başlanan iş deyil. Həmin xidmət ölkəmizdə bu gün də mövcuddur. Amma fərq bundadır ki, layihədə “uşaqların dispanserizasiyası” yazılıb. Əgər siz uşaq poliklinikalarında və sahə xidmətlərində olan uşaqların inkişafı haqqında kitabçalara baxsanız, görərsiniz ki, hər bir uşağın ildə bir dəfə dispanser müayinəsindən keçirildiyi qeyd edilib. Bu qanun layihəsinin böyüklüyü bundadır ki, burada icbari dispanserizasiyadan söhbət gedir. Bu bizi çox sevindirir. Yəni bu işə bütün insanlar cəlb edilirlər. Bir az obrazlı desək, məcbur edilirlər.
Uşaqların icbari dispanserizasiyası dövlət tərəfindən həyata keçirildiyi üçün onun maliyyə tutumu var və hesab edirik ki, nəticədə bu günə qədər mövcud olan dispanserizasiyanın xeyli irəli aparılmasına nail olacağıq. Mən vaxtınızı çox almaq istəmirəm. Uşaqların dispanserizasiyası haqqında qanun layihəsi ilə tanış olmuşuq, xırda məsələlərlə bağlı təkliflərimizi komitə səviyyəsində bildirəcəyik.
Mən hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə uşaqların icbari dispanserizasiyasını aparacaq səhiyyə müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, bunun vacibliyi haqqında bir bənd daxil edilsin.
İkincisi, siz bilirsiniz ki, icbari dispanserizasiya bir növ insanları bu işə cəlb, məcbur edir, yəni onları məsuliyyətə çağırır. Amma layihənin 7-ci maddəsinin 7.7-ci bəndində göstərilir ki, icbari dispanserizasiyanın aparılması üçün uşağın valideynlərinin, yaxud qanuni nümayəndələrinin razılığı əldə olunmalıdır. Çox xahiş edirəm ki, mümkündürsə, bu bənd orada heç yazılmasın. Ona görə ki, bu qanunun ən müsbət tərəflərindən biri valideynləri bu işə səfərbər etməsi, onları hazırlaması olacaqdır. Biz tibb işçiləri olaraq bu işin həmişə tərəfində olmuşuq və əminəm ki, burada deyilənlər qədər də qorxulu bir problem yoxdur. Uşaqların icbari dispanserizasiyasını dövlətimizin qoyduğu tələblər səviyyəsində yerinə yetirəcəyik, buna heç kimin şübhəsi ola bilməz.
Mən vaxtınızı çox almadan hörmətli millət vəkillərimizə müraciət edirəm və bildirirəm ki, əgər bu qanun layihəsi müzakirə edilib qəbul olunacaqsa, xalqımızın azı üçdə birinə əhəmiyyətli təsir göstərəcəkdir. Hər birinizə minnətdarlığımı, təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nəsib müəllim. Başqa təklif yoxdursa, qanun layihəsini birinci oxunuşda səsə qoyuruq. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri     (saat 17.58 dəq.)
Lehinə    95
Əleyhinə     0    
Bitərəf     0
Səs vermədi     0    
İştirak edir     95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Növbəti iclas barəsində sizə xəbər veriləcək.
MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi