2013-ci il 1 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VIII  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 56

Milli Məclisin iclas salonu.
1 fevral 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat  (saat 12.10 dəq.)
İştirak edir 107
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Çingiz Qənizadə, Valeh Ələsgərov, Fuad Muradov, Musa Quliyev, Əli Əhmədov, İqbal Ağazadə, Zahid Oruc, Qənirə Paşayeva, Əhməd Vəliyev, İlyas İsmayılov, Nizami Cəfərov, Musa Qasımlı, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Elmira Axundova, Ziyafət Əsgərov, Qənirə Paşayeva, Fəzail Ağamalı, Əli Məsimli, Zahid Oruc, İqbal Ağazadə, Sabir Rüstəmxanlı, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Azay Quliyev, Məlahət İbrahimqızı, Novruzəli Aslanov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Sevinc Fətəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 95
Nəticə: Qəbul edildi

5. “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Astan Şahverdiyev, Sədaqət Vəliyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Muxtar Babayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

7. “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

8. “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.31 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov, Aytən Mustafayeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.40 dəq.)
Lehinə 103
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

11. “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.42 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

12. “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi 
 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1 fevral 2013-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, yerlərinizi tutasınız. Milli Məclisin 2013-cü il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət  himni səslənir.)
Sədrlik edən. Hörmətli millət vəkilləri, yaz sessiyasının başlanması münasibətilə hamınızı təbrik edir və sizə gələcək qanunvericilik fəaliyyətinizdə müvəffəqiyyətlər arzulayıram.
Milli Məclisin ötən bir il ərzində gördüyü işlər barədə mən keçən sessiyada sizə məlumat vermişdim. Bir şeyi nəzərinizə çatdırmaq istəyirəm ki, sessiyalararası dövrdə Strasburqda Avropa Şurası Parlament Assambleyasının qış sessiyası keçirilmiş və o sessiyada antiazərbaycan qüvvələr tərəfindən “Azərbaycanda siyasi məhbuslar” adlı məruzə təqdim edilmişdir. Lakin ölkə Prezidenti cənab İlham Əliyevin qətiyyətli daxili və xarici siyasəti bu dəfə də onlara öz məqsədlərinə nail olmağa imkan verməmiş və bu məruzə Avropa Şurası Parlament Assambleyası tərəfindən rədd edilmişdir. Mən bu işdə əməyi olan bütün millət vəkillərimizə, xüsusən Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizə  öz dərin təşəkkürümü bildirirəm.
Hörmətli millət vəkilləri, yaz sessiyasında bizi gərgin və maraqlı iş gözləyir. Bildiyiniz kimi, bu sessiyada bir sıra qanun layihələrinin müzakirəsi ilə yanaşı, Azərbaycan hökumətinin hesabatı, 2012-ci il dövlət büdcəsinin icrası haqqında məsələ, Azərbaycan Respublikası Hesablama Palatasının və İnsan hüquqları üzrə müvəkkilin, eləcə də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən qurumun illik məruzələri dinləniləcək. Mən əminəm ki, keçmiş sessiyalar kimi, 2013-cü ilin yaz sessiyasını da biz çox uğurla başa vuracağıq.
İndi isə, xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.10 dəq.)
İştirak edir 107
Yetərsay 83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.11 dəq.)
Lehinə  103
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəqin gündəlik məsələlərin müzakirəsi üçün darıxmısınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, bu müzakirələrdə iştirak etmək istəyənlər çıxışlara yazılsınlar. Çingiz Qənizadə buyursun.
Ç.Qənizadə. Hörmətli Sədr, hörmətli həmkarlarım! Hamınızı salamlayıram. Mən qısaca bir neçə məsələni diqqətinizə çatdırmaq istəyirəm. Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 9-cu maddəsinə uyğun olaraq yaz sessiyasında bir neçə qanuna, daha konkret desək, “Qrant haqqında”, “Qeyri-hökumət təşkilatları haqqında”, “İctimai birliklər haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlara dəyişikliklər edilməsi və təbii ki, bununla əlaqədar olaraq Azərbaycan Respublikasının İnzibati Məcəlləsinə dəyişikliklər edilməsi ilə bağlı qanunvericilik təşəbbüsü ilə çıxış etmək istəyirəm. Müvafiq qanun layihəsi də hazırdır.
Bu layihə hansı zərurətdən yarandı. Son dövrlər ölkədə müəyyən  siyasi təşkilatların və bəzi dini qurumların kənardan müəyyən şəxslər tərəfindən maliyyələşdirilməsi məsələsi gündəmdə öz əksini tapır. Belə hesab edirəm ki, bunların içərisində saf niyyətli maliyyələşmələr olsa da, tək-tək hallarda  xaricdən müəyyən maliyyə dəstəyi göndərməklə ölkədə ictimai-siyasi proseslərə təsir etmək cəhdləri də göstərilir, terrorçuluğun maliyyələşdirilməsində, dini radikal qrupların silahlandırılmasında və  digər çirkin məqsədlərin həyata keçirilməsində bu cür yardımlardan istifadə olunur.
Ölkədə çox işlərin şəffaf aparılması üçün müəyyən qanunlar qəbul olunub. “Asan xidmət”in işə başlaması onu göstərir ki, ölkədə artıq hər şey şəffaf olacaq və bürokratik əngəllər aradan qaldırılacaq, hər şey göz qabağında olacaq. Maliyyələşmə məsələsində bəzən nağd şəklində maliyyələşmələr ortaya çıxır ki, bunun da hesabatının aparılmaması vergidən yayınmaya yol açır. Bu pulların hara xərclənməsi bəzən tamamilə gizli qalır. Oqtay müəllim, Sizin dediyiniz kimi, bəzən də o qrantlar bir məqsəd üçün verilir, amma  başqa məsələlərin həllinə yönəlir. Bu baxımdan əgər şəffaflığın təmin olunması üçün digər qanunlarımıza əlavə və dəyişikliklər ediriksə, bu qanunlara nə üçün dəyişiklik etməyək?
Burada söhbət maliyyə yardımlarının ancaq rəsmi və aşkar şəkildə  göstərilməsindən gedir. Yəni maliyyə yardımları qadağan olunmur, sadəcə olaraq, bunun rəsmiləşdirilməsi gündəmə gəlir. Əgər bu rəsmiləşdirilərsə, təbii ki, pulların hara xərclənməsi sənədlərdə öz əksini tapacaq və müvafiq icra hakimiyyətinə, yəni Maliyyə Nazirliyinə təşkilatların bu haqda məlumat verməsi artıq qanunda öz əksini tapdığı üçün məcburi olacaqdır. Mən ona görə belə hesab edirəm ki...
Sədrlik edən. Mən Sizin fikrinizi tutdum. Siz qanun layihəsi təklif eləyirsiniz. Mən xahiş edərdim, o layihəyə Səfa müəllimlə bir yerdə müvafiq komitədə  baxılsın, ondan sonra bu barədə danışaq. Valeh Ələsgərov.
V.Ələsgərov. Çingiz müəllim, o qanun layihəsini, yəqin ki, beynəlxalq təcrübəyə əsaslanaraq hazırlayacaqsınız. Amerika Birləşmiş Ştatlarının 1938-ci ildə qəbul etdiyi  “The Foreign Agents Registration Act” deyilən bir qanun var – “Xarici agentlərin qeydiyyatı haqqında” Qanun. Məsləhət görərdim, bir ona da diqqət yetirəsiniz. Bir baxın, görün orada nələr yazılıb. Əminəm ki, o qanunda çox maraqlı şeylər tapacaqsınız. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının açılışı ilə bağlı hər birinizi təbrik edirəm. Oqtay müəllim, sabah 2 fevral Gənclər günüdür. Ulu öndər Heydər Əliyev tərəfindən təsis olunmuş bu bayram günündə bir çox məsələlər  gündəmə gəlir, müzakirə olunur. Prezidentimiz İlham Əliyev də mütəmadi olaraq gənclərlə görüşür.
Mən bu Gənclər günü ərəfəsində gənclərlə bağlı məsələyə toxunmaq istəyirəm. Sosial ipotekanın həyata keçirilməsi ilə bağlı, demək olar ki, artıq bütün səviyyələrdə danışıqlar gedir. Cənab Prezidentin gənclərlə görüşü zamanı da bu məsələlər müzakirə olunmuşdur. Mənim xahişim ondan ibarətdir ki, bu prosesi bir az sürətləndirək. Bu, birbaşa gənclərlə bağlı olan məsələdir. Gənclərin sosial ipotekaya böyük maraq göstərdiyini nəzərə alaraq bu prosesi sürətləndirsək və bu, Sizin nəzarətiniz altında olsa, daha yaxşı olar.
Növbəti məsələ. Oqtay müəllim, Siz bilirsiniz ki, Avro-nest Parlament Assambleyasının artıq bir neçə iclası keçirilib. O iclaslardan biri də Azərbaycanda, Bakıda baş tutmuşdu. Avronest Parlament Assambleyasının müxtəlif komitələrinin iclasları bu qurumu daxil olan ölkələrdə keçirilir. Enerji təhlükəsizliyi komitəsinin iclası fevralın 12–13-də Azərbaycanda keçiriləcəkdir. Bizim üçün bu çox vacib məsələdir. Avropa deputatları, o cümlədən Şərqi Avropa ölkələrinin parlamentariləri burada iştirak edəcəklər. Mən bilirəm ki, son zamanlar regional səviyyədə, daha böyük səviyyələrdə enerji layihələri ilə bağlı müxtəlif müzakirələr gedir. Yaxşı olardı ki, bu tədbirin yüksək səviyyədə təşkilində Milli Məclisin də köməyi, dəstəyi olsun. Bu istiqamətdə Sizin dəstəyinizə də ehtiyacımız var.
Son zamanlar biz Avropa tərəfdaşlığı çərçivəsində daha çox böyük regional layihələri müzakirə eləyirik. Ona görə hökumət üzvlərinin də həmin iclasda iştirakı bu müzakirələri daha səmərəli edərdi.
Avropa Parlamentində Azərbaycanın enerji siyasəti ilə bağlı çox müsbət fikirlər vardır. Elə bir neçə vaxt bundan öncə Avropa Parlamentində atom elektrik stansiyaları ilə bağlı müzakirələr keçmiş və Avropa deputatları regionda atom enerjisinin istifadəsinə çox pis baxdıqlarını bildirmişlər. Bizim üçün bu çox əhəmiyyətlidir. Mən çox xahiş edərdim ki, Milli Məclis tərəfindən həmin tədbirin həyata keçirilməsini dəstəkləyəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Əmin ola bilərsiniz ki, Milli Məclis, onun Aparatı bu tədbiri yüksək səviyyədə dəstəkləyəcək və hökumət üzvlərini də dəvət edəcəkdir. Musa Quliyev buyursun.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Mən son günlər Azərbaycan ictimaiyyətini narahat edən və hiddətləndirən bir məsələ barəsində – xalq yazıçısı Əkrəm Əylislinin “Дружба народов” jurnalında çap olunmuş son dərəcə antimilli və zərərli “Daş yuxular” adlı romanı haqqında danışaraq bir təklifimi vermək istəyirəm.
Bu əsər erməni işğalına və separatizminə bəraət qazandırmaqla yanaşı, Azərbaycan xalqını dünyaya mədəniyyətsiz, tənbəl, qəddar və vəhşi bir toplum kimi təqdim edir. Bu romanda Əkrəm Əylisli bizim üçün müqəddəs nə varsa, azadlıq mübarizəmizi də, ərazi bütövlüyümüzü də, dini inancımızı da, toponimlərimizi də, böyük şəxsiyyətlərimizi də təhqir edir, lağa qoyur, aşağılayır və bu fonda erməniləri dünyanın ən zəhmətkeş, vicdanlı və mədəni insanları adlandırır.
Bu əsər qədim Azərbaycan torpağı və qürur yerimiz olan Qarabağın da, Naxçıvanın da tarixən ermənilərə mənsub olduğunu göstərir və türklərin sonradan bura gələrək erməniləri qətlə yetirib onların torpaqlarına yiyələndiyi kimi son dərəcə zərərli və sarsaq bir fikri, eyni zamanda Əylisdə, Bakıda, Sumqayıtda tökülən qanların yeganə baiskarının Azərbaycan xalqı olduğu fikrini ortaya atır.
Artıq erməni mətbuatında Əkrəm Əylislini  Türkiyə və Azərbaycan tərəfindən 100 ildir ki, inadla inkar edilən erməni soyqırımını etiraf edən və tövbəyə dayanan qəhrəman elan etmişlər. İndi toy-bayram içində olan Ermənistanda bu erməni təəssübkeşini artıq  erməni tərzində “bizim Aram Aqulistiki” adlandırmağa başlamışlar.
Əkrəm Əylisli, yaxud sevdiyi xalqın dili ilə desək, Aram Aqulistiki ömrünün axirətini düşünən çağındadır. Yəqin ki, son nəfəsində onun üstündə Qurani-Kərim deyil, məhəbbətlə bəhs etdiyi Zakariya Aqulistikinin gündəliyi oxunacaq və onun bu dünyaya vida kəlməsi də “Eçmiadzin” sözü olacaq. Bu bizim işimiz deyil, bu onun öz işidir, özü demişkən, vicdan azadlığı məsələsidir. Ancaq Azərbaycan xalqını alçaltdığına və təhqir etdiyinə görə, dini inanc və adətlərimizi aşağıladığına görə, işğalçı erməni faşizminə haqq qazandıran əsərinə görə bu şəxsin, bu yazıçının Azərbaycan xalqının yazıçısı adını daşımağa mənəvi haqqı yoxdur. Mən təklif edirəm ki, bu məsələyə baxılsın və ona müvafiq qiymət verilsin. Xalqın heysiyyəti ilə oynamaq haqqı heç kimə verilməmişdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə.Əhmədov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Mən də bu mövzunu davam etdirmək istəyirəm. Hesab eləyirəm ki, Əkrəm Əylislinin bu romanı Azərbaycan xalqına böyük mənəvi zərbə vurubdur. Əgər düşmən səni tərifləyirsə, demək, sən öz xalqına qarşı hansısa bir günah işlətmisən. Amma bu əsər ilə tanış olandan sonra qəti əmin olursan ki, bu, sadəcə, bir günah deyil. Bu, xalqa vurulmuş böyük bir zərbədir.
Əsərlə tanış olanda bu fikirlər ortaya gəlir. Birincisi, bu əsərdə Əkrəm Əylisli günahkar Azərbaycan xalqı obrazı yaradır və beləliklə, ermənilərin  uzun illər boyu həyata keçirmək istədiyi bir niyyətə Azərbaycan yazıçısı olaraq dəstək verir, eyni zamanda, ermənilərin Azərbaycana təcavüzünə haqq qazandırır. Qətlə yetirilən, həlak olan azərbaycanlılar haqqında bir kəlmə söz deyilməməsi, hesab edirəm ki, bunun bariz ifadəsidir.
Gəldiyim qənaət bundan ibarətdir ki, bu əsərdə Əkrəm Əylisli erməni separatizminə haqq qazandırır, ermənilərin Azərbaycana haqsız, ədalətsiz ərazi iddialarını əsaslandırmaq üçün hazırladıqları ideoloji zəmini gücləndirmiş olur.
Mən hesab edirəm ki, ən azı sadaladığım bu günahlar Əkrəm Əylislinin bu kitabının heç bir zaman Azərbaycanda nəşr olunmaması üçün əsas yaradır. Hesab edirəm ki, bu əsərin Azərbaycanda nə zamansa nəşr  olunmasına heç zaman imkan verilməməli, onun Azərbaycanda nəşr edilməsi qadağan olunmalıdır.
Mən burada həmkarım Musa Quliyevin səsləndirdiyi fikri dəstəkləyirəm. Azərbaycan xalqına qarşı bu qədər haqsızlıq etmiş, Azərbaycan xalqına bu qədər mənəvi zərbə vurmuş, Azərbaycan xalqını aşağılamış bir yazıçının Azərbaycanın xalq yazıçısı adını daşımağa heç bir mənəvi haqqı yoxdur. Mən əlavə edirəm ki, Azərbaycan dövlətinin ən ali mükafatı olan “İstiqlal” ordenini sinəsində gəzdirməyə də onun heç bir haqqı yoxdur. Çünki Azərbaycana və Azərbaycan xalqına qarşı etdiyi bu xəyanət bütün bu hüquqları onun əlindən almaq üçün əsas verir. Mən güman edirəm ki, bütün Azərbaycan xalqı səsləndirilən bu təklifləri dəstəkləyəcək və ona layiqli cavabını verəcəkdir. Sağ olun.
Sədrlik edən. İqbal Ağazadə. 
İ.Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də yaz sessiyasının işə başlaması münasibətilə bütün parlamentariləri təbrik edirəm. Hesab edirəm ki, bu sessiyada biz millətimizə, dövlətimizə, xalqımıza gərəkli qanunlar qəbul edilməsi və Azərbaycanın hüquqi dövlət halına gətirilməsi üçün kifayət qədər ciddi çaba göstərməliyik.
Mən son dövrlər respublikada baş verən bir sıra hadisələrə öz münasibətimi bildirmək istəyirəm. Həm Binədə, həm də İsmayıllıda baş verən hadisələr və ayrı-ayrı rayonlardan aldığımız xəbərlər Azərbaycan cəmiyyətində ciddi narazılıq yaradır. Çox təəssüf ki, bu məsələlərə hakimiyyətin yanaşması adekvat deyil. Həbs olunanlar və işgəncə görənlər barədə faktlar var.  İlk növbədə Binədə baş verən hadisələrlə bağlı sahibkarların böyük bir qismi həbs olundu və onların barəsində  2  aylıq həbs qətimkan tədbiri seçildi.
Bəli, ola bilsin ki, baş verən hadisələrdə cinayət tərkibi var. Amma baş verən hadisələrdə kütləvi etiraz varsa, nə üçün hakimiyyət nümayəndələri kütləvi etirazın nədən doğduğunu, haradan qaynaqlandığını diqqətlə araşdırıb, bu etirazı yaradan konkret adamları və hərəkətləri qınamır və həmin adamlar cinayət məsuliyyətinə cəlb olunmur?
Bundan əvvəl Qubada baş verən hadisələrlə bağlı bu gün artıq xeyli sayda insan ittiham olunub. Amma ittiham olunan insanların küçələrə nədən çıxdığı, nəyə etiraz etdiyi, nə istədiyi barədə obyektiv məlumat verilmir. Onları o həddə gətirən  kimlərdir, nədir? Bu barədə çox təəssüflər olsun ki, istintaq qeyri-obyektiv iş aparır və həmin adamların heç biri cinayət məsuliyyətinə cəlb olunmur.
Burada kifayət qədər hüquqşünaslar var. Cinayət-Prosessual Məcəlləsinin tələblərinə görə hər bir cinayətin birinci növbədə törəmə səbəbi, hansı şəraitdə törədiyi araşdırılmalıdır. Təəssüflər olsun ki, bunların heç biri araşdırılmır. Qoluzorluları yanında saxlayan bir bazar müdiri insanların qarşısına çıxır, hədə-qorxu ilə danışır və yaxud İsmayıllıda baş verən hadisələr... İsmayıllıda baş verən hadisələr bu gün təqdim olunduğu kimi, sadəcə, iki nəfərin xuliqanlıq hərəkətlərinin nəticəsi deyil. Mən güman etmirəm ki, hər gün Bakı şəhərində, yaxud Azərbaycanın başqa şəhərlərində olan xuliqanlıq hadisələrinə görə insanlar küçəyə tökülsünlər. Əgər bir rayonun 3 min, 5 min insanı kütləvi surətdə küçəyə çıxır, öz etirazlarını bildirirsə, – hətta bunu qeyri-qanuni yolla bildirir, orada qanun pozuntuları olursa belə, – bunun səbəbləri hakimiyyət tərəfindən araşdırılmalı və birinci növbədə bunun səbəbkarları, o şəraiti yaradanlar cəzalandırılmalıdırlar. Bizim praktikada isə o şəraiti yaradanları gizlətmək yolu tutulur. Quba, Binə, İsmayıllı hadisələrində də bu belə olub.
Bu gün başqa yerdə, başqa şəraitdə də bu tipli hadisələr ola bilər. Bunların hamısında ancaq öz etirazlarını bildirənlər qeyri-qanuni hərəkət edib deyə həbsxanalara atıla və onlara işgəncə verilə bilər. Bu tipli hallara, hesab edirəm, hakimiyyət ciddi şəkildə son qoymalıdır. Mən, təbii ki, gündəlik müzakirə olunanda bu tipli məsələlərə...
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli həmkarlar! Mən birinci növbədə hörmətli Musa Quliyevin və hörmətli Əli Əhmədovun fikirlərini bir az davam etdirmək istəyirəm. Azərbaycanda hədsiz demokratizm, liberalizm xəttinin tərəfdarları iddia edirlər ki, hər hansı bir yazıçının əsərini parlament üzvlərinin bu və ya digər səviyyədə müzakirə eləməsi guya repressiyanın, faşizmin, qeyri-tolerantlığın əlamətidir. Biz, sadəcə, vətəndaş mövqeyini bildiririk. O əsəri oxuyan görür ki, Salman Rüştinin “Şeytanın ayələri” nə idisə, bizim millət üçün Əkrəm Əylislinin “Daş yuxular”ı odur. Bundan sonra yüz illər də erməni çarxında, erməni antitəbliğatında bu əsər ən baş planda gedəcək. Buna əmin ola bilərsiniz. Necə ki, bir şairimizin ötən əsrin əvvəllərində yazdığı şeirdən  bircə misranı götürüb əleyhimizə yönəldirlər. Özümüzdən olan bu qəlpələrlə öz əleyhimizə olan silah daha təsirli olacaq.
Heç kim demir ki, bu, ermənilərin marağını müdafiə etdiyi üçün ölkədən getsin. Çünki onda onun zərərçəkmiş obrazından təbliğat vasitəsi kimi istifadə olunacaq. Bu gün Əkrəm Əylisli  bu əsəri yazmağı azmış kimi, “başımı götürüb gedərəm”, “mənə xətər yetirilsə, Azərbaycan cavab verməlidir” kimi hədələrlə də məşğuldur. Burada biz birinci növbədə hər kəsə vətəndaş mövqeyi bildirməsini arzulayırıq. Biz totalitar bir çağırışda bulunmuruq ki, hər kəs gedib onu hədələsin, linç etsin, çarmıxa çəksin. Yaşının bu çağında onun çarmıxa çəkilən obrazı bizə lazım deyil. Biz heç kimə ölüm də istəmirik. Amma ölüm mələyi gələndə bir yazıçının ən böyük fəxarəti o olardı ki, o dünyaya yola salınanda onun tabutu altına milləti çiynini versin. Biz birinci növbədə bu məsələni qoyuruq.
Yerdən. (Eşidilmir.)
Z.Oruc. Elədir, bu adam uzun illər ərzində xalq yazıçısı adından, ulu öndərdən, bu hakimiyyətdən bəhrələnib, sonda da belə bir əsər yaradıb. 
Cənab Sədr, mənim qeyd etmək istədiyim daha bir məsələ son dövrlər xüsusilə bizim virtual mediada, elektron KİV-lərdə Azərbaycan–Rusiya münasibətlərinin gərginləşdirilməsinə xidmət edən materiallarla bağlıdır. Qəbələ RLS, Xəzər hövzəsi, Ermənistandakı vəziyyət ətrafında Azərbaycanda bütün narazı nöqtələri Rusiyaya bağlamaq cəhdi var. Etiraf edirəm ki, burada Rusiyanın mediası da böyük rol oynayır. Hansısa dairələr bu iki ölkəni toqquşdurmaq istəyirlər. Birmənalı şəkildə buna yol vermək olmaz. Mən özüm də Rusiyanın mövqeyini keçmişdə ən çox tənqid eləyənlərdən biri olmuşam. Amma buradakı bu cərəyanları, bu dumanı görmək lazımdır. Azərbaycan ötən illər ərzində həm ulu öndərdən, həm də cənab Prezidentdən gələn bir xətlə Rusiya–Azərbaycan münasibətlərini normal bir durumda saxlaya bilib. Heç bir halda Rusiya–Azərbaycan qarşıdurmalarına, toqquşmalarına getmək olmaz. Ötən il Rusiya Azərbaycanın sərhəd xətlərini, yəni bu hüdudlar daxilində ərazi bütövlüyünü tanıdı. Ona görə mən medianı bu məsələlərdə kifayət qədər diqqətli olmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk öncə sabahkı Gənclər günü münasibətilə bütün gənclərimizi təbrik edir, onlara  xoşbəxtlik, uğurlar, ölkəmizin inkişafı naminə gözəl fəaliyyət arzulayıram.
Mən də Əli müəllimin, Musa müəllimin, Zahid müəllimin toxunduğu məsələyə toxunaraq demək istəyirəm ki, Əkrəm Əylislinin yazdığı bu roman, sadəcə, hansısa bir yazıçının qələmə aldığı bir roman deyil.  Bu roman Azərbaycanın xarici siyasətinə və Azərbaycan həqiqətlərinin təbliğinə çox böyük bir zərbədir. Sabah bu romanı ermənilər bütün platformalarda əllərinə alaraq, “baxın, Azərbaycanın xalq yazıçısı özü belə yazıb” deyə, Azərbaycan həqiqətlərinin, doğrularımızın təbliğinə, xarici siyasətimizin bu istiqamətdə həyata keçməsinə görün nə qədər böyük zərbə vuracaq. Ona görə bu bizim hamımızı ciddi narahat etməlidir. Təbii ki, bu məsələdə ictimaiyyətin rəyini də diqqətlə dinləmək lazımdır. 
Ciddi tarixi faktlara əsaslanmadan yazılmış bu roman erməni yalanlarına haqq qazandırmaqla bərabər, Azərbaycan gerçəklərinin də təbliğinə çox böyük  bir zərbədir. Üstəlik, əgər bir romanın içində millətin təhqiri varsa, bu heç cür qəbul edilə bilməz. Ona görə mən də burada həmkarlarım tərəfindən səslənən təklifləri dəstəkləyir və öz içərimizdə belə bir ziyalı tərəfindən atılan bu qədər xoşagəlməz addımı qınayıram.
İkinci bir məsələni mənim həmkarım Fuad Muradov burada qaldırdı. Mən o məsələni dəstəkləməklə bərabər bir az da inkişaf etdirərək bunu demək istəyirəm ki, hörmətli Oqtay müəllim, sosial ipoteka məsələsinin sürətləndirilməsi çox vacibdir. Bu gün Bakının özündə də,  regionlarımızda da gənclərin böyük problemlərindən biri ev problemidir. Ona görə də gənclərin sosial ipotekadan yararlanması... Yəni dövlət, əslində, gənclərə dəstək göstərir. Gənclər dövlətdən aldıqları pulu geri qaytaracaqlar. Amma dövlət onların mənzil şəraitinin yaxşılaşdırılmasını daha da sürətləndirsə... Orta təbəqədən olan  gənclərin... Yəni hər kəs normal, yaxşı maaş almır. Çox az maaş alan gənclərimiz var ki, onların da bu ipotekadan yararlana bilməsi işinin sürətləndirilməsi vacibdir. Ona görə mən sessiya çərçivəsində də  parlamenti bu məsələdə daha aktiv rol oynamağa, sosial ipotekanın genişləndirilməsi məsələsinin həllinə yardımçı olmağa çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə.Vəliyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar! Mən də yaz sessiyasının başlaması münasibətilə sizi təbrik edir və hər birinizə can sağlığı arzu edirəm.
Həmkarlarımın Əkrəm Əylisli ilə bağlı səsləndirdikləri fikirləri ümumiləşdirib demək istərdim ki, burada tək Əkrəm Əylislidən söhbət getmir. Son zamanlar azərbaycanlı adı, familiyası olan müəyyən adamlar antiazərbaycan təbliğatı ilə məşğul olduqlarına görə bu məsələ, mənə elə gəlir ki, hamımızı narahat etməlidir. Bunun qarşısını almaq və antiazərbaycan təbliğatı aparanların, doğrudan da, azərbaycanlı olub-olmadığını bilmək üçün mənim bir-iki təklifim var.
Birinci, mən bu təbliğatı aparanların psixoloji durumunun yoxlanmasını təklif edərdim. İkinci, onların genetik kodunu müəyyənləşdirmək lazımdır. Bu gün tibbi ekspertiza 100 il bundan qabaq rəhmətə getmiş insanın saçından müəyyən edə bilir ki, o hansı millətə məxsusdur.
Bəli, mənim təklifim ondan ibarətdir ki, antiazərbaycan təbliğatı aparan insanların psixoloji durumunun yoxlanması və onların genetik kodunun araşdırılması istiqamətində ya bir qanun hazırlansın, ya da bu, digər qanunlarda öz əksini tapsın. Mən inanmıram ki, Azərbaycanın ümumi problemi olduğu halda qanı, canı azərbaycanlı olan adam bu və ya digər formada Azərbaycanın əleyhinə iş aparsın. Mən heç vaxt buna inana bilmərəm ki, doğrudan da, saf nəsli, kökü olan adam belə bir hərəkət eləsin. Ona görə də mənim təklifim bundan ibarətdir.
Arzu edərdim ki, Qarabağ bölgəsindən olan həmkarlarım bu məsələdə bir az ayıq olsunlar və onlar da öz fikirlərini söyləsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Əhməd müəllim istəyir ki, burada qan laboratoriyası yaradaq, hə?  İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Əvvəla, dəfələrlə burada mənim tərəfimdən, başqa deputatlar tərəfindən, hörmətli Siyavuş Novruzov tərəfindən məsələ qaldırılsa da, deputatların qanunvericilik təşəbbüsü hüququ etiraf olunmur və sessiyaların iş planlarında nəzərdə tutulmur. Mən bunu başa düşə bilmirəm. Onsuz da xalq arasında deyirlər ki, Milli Məclis elə Prezident Aparatından göndərilən qanunların təsdiqi ilə məşğuldur. Axı biz qanunvericilik yaradıcılığı ilə məşğul olmalıyıq. Bizim bu hüququmuz niyə əlimizdən alınıb? Xahiş edirəm, bu yaz sessiyasının qanunvericilik işləri planının birinci bəndində qanunvericilik təşəbbüsü hüququ olan subyektlər sırasına “deputatlar” sözü də əlavə edilsin.
Mən 2007-ci ildə ikili vətəndaşlıq haqqında qanun layihəsi vermişəm, 2010-cu ildə vəzifəli şəxslərin sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına görə cinayət məsuliyyəti nəzərdə tutan qanun layihəsi vermişəm. Heç birindən səs-soraq yoxdur. Mən bunu dəfələrlə burada səsləndirmişəm. Nə mənə izahat verən, nə də tələbimi yerinə yetirən var. Xahiş edirəm, hər iki qanun layihəsi müzakirəyə çıxarılsın.
İkinci, 12 yanvarda gənclər ailənin yeganə oğlu olan, atasız böyümüş bir gəncin hərbi xidmətdə müəmmalı şəkildə həlak olmasına etiraz əlaməti olaraq aksiya keçirdilər. Bu aksiya başa düşülən idi. Onlar hakimiyyətin əleyhinə deyildilər, istefa tələb eləmirdilər, əsgər yoldaşlarının ölümünə etirazlarını bildirirdilər. Bildirməsəydilər, daha pis olardı. Amma çox təəssüf ki, ondan sonra bunların üzərində məhkəmə prosesləri quruldu və həmin adamlar cəzaya məhkum edildilər. Bu ancaq utanc gətirici hərəkətdir. Ona görə mənim hərbi xidmətə çağırışla bağlı bir təklifim var. Qüvvədə olan qanunvericiliyə görə, valideynlərinin hər ikisi I dərəcəli əlil olan ailənin yeganə oğlu əsgərlikdən azad olunur. Mən elə hesab edirəm ki, biz qanunvericilikdə dəyişiklik etməli və ailədə yeganə oğul olan, atasız böyüyən oğlanı əsgərliyə çağırmamalıyıq. Yaxud da ki, alternativ hərbi xidmət haqqında qanun qəbul etməliyik və bu orada öz əksini tapmalıdır.
Nəhayət, mən İqbal müəllimin çıxışı ilə əlaqədar fikrimi bildirir və onu  müdafiə edirəm. Söhbət nədən gedir? Biz hər hansı bir problemi həll etmək istəyiriksə, mütləq onu doğuran səbəbləri araşdırmalı və aradan qaldırmalıyıq. Biz bu problemin nəticələri ilə məşğul olmamalıyıq.  Bunu hamı başa düşür və elə ona görə də bu, əlavə narazılığa səbəb olur. Bu, hakimiyyətin özünə də ziddir. Mənə elə gəlir ki, burada heç bir ayrıseçkiliyə yol vermək lazım deyil. Hadisələri doğuran səbəblər araşdırılmalıdır. Vəzifəsindən asılı olmayaraq qanun qarşısında hamı cavab verməlidir. Əgər  etiraz eləyən adamların əməlində cinayət tərkibi varsa, onlar da məsuliyyətə cəlb olunmalıdırlar. Amma ilk növbədə bu hadisələri doğuran səbəblər araşdırılmalı, onu törədən adamlar cəzalandırılmalıdırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Nizami Cəfərov.
N.Cəfərov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Əkrəm Əylisli mövzusunu davam etdirmək istəyirəm. Əvvəla, onu deyim ki, Əkrəm Əylisli çox böyük nankorluq eləyib. Bu tamamilə aydındır, yəni bu millətin xalq yazıçısı olasan, bu millətin çörəyini yeyəsən, bu dövlətin fəxri adlarını daşıyasan və sonra da belə işlər görəsən. Özü də bu, birinci dəfə deyil, onun təbiətində impulsivlik həmişə olub.
Eyni zamanda, nəzərə almaq lazımdır ki, “Дружба народов” jurnalının keçən il 12-ci nömrəsində dərc olunmuş roman-rekviyemin altında elə bir tarix yazılıb ki, həmin tarixdə Əkrəm Əylisli millət vəkili, Milli Məclisin üzvü olub. Əkrəm Əylisli həm də nə elədiyini bilən adamdır. Ola bilsin, o romanın altında ona görə həmin tarixi yazıb ki, elə bilsinlər, bu, uzun illərin işidir, hətta millət vəkili olduğu dövrdə yazıb. Yazmışdısa, niyə ortaya çıxarmırdı? Özü burada olardı və məsuliyyətini də yalnız yazıçı kimi yox, millət vəkili kimi də daşıyardı.
Əsərin ideyası məlumdur – Azərbaycan xalqını aşağılamaq. Özü də erməni məntiqi ilə yazılıb. Ermənilərin məntiqinə görə, onlar tarixən əzilmişlər. Bax, bu məntiq eynilə burada var. “Дружба народов” jurnalı əsərin giriş hissəsində bir qeyd də verib ki, guya Əkrəm Əylisli bununla bir jest eləyib qabağa gedir. Bu tərəf günahı boynuna alıb, o biri tərəf də alacaq. Bu nə əbləh məntiqdir? Sən kimsən ki, xalqın adından boynuna belə bir günah götürəsən? Azərbaycan xalqını xəstə hesab edir, halbuki bütün dünya erməni xəstəliyindən danışır. Ensiklopediyalara düşmüş bir hadisədir. Yəni erməninin haqqında deyilən səviyyəsiz söhbətləri biz niyə öz üzərimizə götürməliyik?
Mən düşünürəm ki, Əkrəm Əylislini Azərbaycan vətəndaşlığından məhrum eləmək lazımdır. Qoy getsin Yerevanda hansısa kilsədə xidmətçilik eləsin. Başqa yolu yoxdur. Yəni belə kəskin münasibət bildirməsək... 
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən yaz sessiyasının işinə uğurlar arzulayıram. Bir neçə məsələyə münasibət bildirmək istəyirəm.
Birinci məsələ, hörmətli cənab Sədr, Sizin qeyd etdiyiniz Avropa Şurası Parlament Assambleyasında qəbul edilən qərarla bağlıdır. Belə təhdidlər bizi gələcəkdə də gözləyə bilər. Ona görə də mən təklif edərdim ki, Avropa Şurası mücərrəd bir qurum olmadığından Milli Məclisin dostluq qrupları müvafiq ölkələrlə yaxından iş aparsınlar. Gələcəkdə belə halların qarşısı alınsın.
İkinci məsələ. Mən düşünürəm ki, biz yol hərəkəti haqqında qanunlarımıza yenidən baxmalıyıq. Bəzi ölkələrin təcrübəsində var. İçkili vəziyyətdə maşını idarə eləyən şəxs birbaşa  həbs olunmalı və maşını müsadirə edilməlidir. Əgər biz müvafiq qanunlarımızda dəyişiklik edib, gələcəkdə bu təcrübəni tətbiq eləsək, çoxlu fəsadlardan qurtara bilərik.
Üçüncü məsələ Əkrəm Əylislinin romanı ilə bağlıdır. Mən o romanı oxumuşam və belə bir romanın yazılmasına təəssüf edirəm. Azərbaycan xalqı bir tərəfdən indi Ermənistan adlanan tarixi torpaqlarından qovulub, təcavüzə məruz qalıb, əraziləri işğal edilib, o biri tərəfdən ikili standartlarla üzləşib, indi isə Azərbaycanın xalq yazıçısı Azərbaycana, Azərbaycan xalqına arxadan  bıçaq sancır. Bu əsərdə, – əgər buna əsər demək mümkünsə, – başdan-başa Azərbaycan xalqı təhqir olunur. Bir yazıçı Ermənistandan qovulan azərbaycanlıların haqlarını görmür. Əkrəm Əylisli bununla özünü Şaginyanla, Xanzadyanla, Balayanla, Kaputikyanla bir səviyyədə qoyur.
Məgər Əkrəm Əylisli başa düşmür ki, Azərbaycanda baş verən bütün hadisələr, o  cümlədən  Sumqayıt  hadisəsi  Ermənistan  tərəfindən  ona  görə törədilmişdi ki, Ermənistan desin, azərbaycanlılar ermənilərlə bir yerdə yaşaya bilməzlər və mərkəz bunu ona görə törətmişdi ki, Azərbaycana təzyiq etsin? Mən çox təəssüf edirəm ki, Azərbaycan yazıçısı belə bir əsər yazıb. Bu, Azərbaycan xalqına təhqir deməkdir, tarixi həqiqətlərin saxtalaşdırılması deməkdir.
Mənim fikrimcə, bizim parlamentdə oturan ədəbiyyatçılarımız, yazıçılarımız öz fikirlərini açıq və konkret şəkildə bildirməlidirlər. O zaman çox-çox məsələlər aydın olar. İnsanlar fəal mövqeyini ortaya qoymalıdırlar. Azərbaycan yazıçısı, şairi belə əsər yazmamalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bahar Muradova.
B.Muradova. Təşəkkür edirəm, Oqtay müəllim. Çox təəssüf ki, bu gün biz bu barədə nə qədər danışsaq və onun qəlbimizdə doğurduğu ağrı və acıları nə qədər dilə gətirsək də, baş vermiş hadisənin adı birdir – xəyanət. Və xəyanət törədənə, xəyanətkara da münasibət bir olmalıdır. Mən hesab edirəm ki, buna hamı münasibətini bildirməlidir, amma təkcə qarabağlı və ya ermənistanlı, yaxud  bakılı kimi yox, azərbaycanlı kimi, Azərbaycan vətəndaşı kimi bildirməlidir. Deyilən söz təkcə etnik azərbaycanlılara aid deyil. Müəllif Azərbaycanda baş verən hadisələri təsvir edir, əsərdə Bakı şəhərinin, Azərbaycan regionlarının adları çəkilir. Azərbaycan vətəndaşlarına milliyyətindən asılı olmayaraq cürbəcür  ayamalar qoyulur. Bu ayamalara fikir verin – biri dəlidir, biri şizikdir, biri qabandır, biri nə bilim hansı heyvana bənzədilir.
Mən bu gün İnternet saytlarından oxudum ki, araşdırmalar aparılır və bu obrazların prototiplərini axtarırlar. Müəllif özü də söyləyir ki, prototiplər var və hətta obrazların dili ilə deyilən fikirlərin öz fikri olmadığını bildirsə də, müsahibələrinin birində özünün də o fikirlərə şərik olduğunu inkar edə bilmir, söyləyir ki, bəli, mənim fikirlərim obrazların dilindən səslənir.
Mənə elə gəlir ki, bu gün çox zəif, qorxaq, hər hadisədən çəkinən kimi qələmə verdiyi aktyor obrazı görkəmi və davranışına, mahiyyət və məzmununa görə elə onun özüdür. O, bu illər ərzində Azərbaycanda aktyor oyunu oynayıb.
Əkrəm Əylisli guya Azərbaycan naminə, Azərbaycan xalqının maraqları naminə bəşəri həqiqətləri söylədiyini bəyan edir. Əslində isə bu dırnaqarası həqiqətlər ona özünü pərdələmək, mahiyyətini, əsl simasını gizlətmək,  özünü arasında yaşadığı xalqdan, millətdən üstün tutmaq üçün lazımdır. Nizami müəllim doğru deyir, onun fəaliyyətində bu kimi hallar çox olubdur. Amma biz ona münasibətimizdə böyüklük göstərmişik.
Mən həmişə düşünürdüm ki, Əkrəm Əylisinin içində bu qədər kin, qəzəb, nifrət haradandır, o niyə bizim görkəmli ziyalılara daim çamur atır, nəyə görə Azərbaycanda bir dənə də normal qələm əhli yoxdur deyir, özünü bəşəri ideallar carçısı olan, beynəlxalq status almış yazıçılarla, tanınmış simalarla bir tutur. Əsas odur ki, arasında yaşadığın xalqın sənə münasibəti necədir.
“Daş yuxular”da deyilir ki, Əylisdə zəbt olunmuş evlərdə bu gün ruhlar,  cinlər gəzib dolaşır və ruhların, cinlərin gəzib dolaşdığı kənddə bu gün də bir normal adam yoxdur və orada heç zaman normal atmosfer olmayacaq. Amma mən səni əmin edirəm, Əkrəm Əylisli, elə həmin Ermənistanda ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, təhqir olunmuş soydaşlarımızın, Qarabağda və Vətənimizin başqa bölgələrində ermənilərin vəhşi təcavüzünün qurbanı olmuş Azərbaycan övladlarının ruhları sənə rahatlıq verməyəcək. Sənin və sənin kimilərin Azərbaycan adından, Azərbaycan xalqı adından danışmağa haqqı yoxdur.
Mən hesab edirəm ki, milliyətindən, dinindən, irqindən, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşları ona öz münasibətini bildirməlidir. Ziyalılar Forumu, onun ətrafında olan adamlar ona münasibətini bildirsin. Bu gün yaradıcılıq azadlığından danışırlar. Əgər bunu dəstəkləyirsinizsə, deyin, biz də bilək, siz kimsiniz, biz də bilək, bizim sizə münasibətimiz açıq və net şəkildə necə olmalıdır.
Mən neçə gündür, o kitabı oxuyur və heç cür anlaya bilmirəm ki, necə olur,  bizim aramızda belə insanlar yaşayır, necə olur, bunlar insan adı daşıyır. Mən həddindən artıq kəskin, emosional danışıram. Ona görə ki, mənim daxili vəziyyətim məni buna məcbur edir. Mənim mənsub olduğum xalq, mənim millətim, mənim dövlətim, Azərbaycan Respublikasının vətəndaşları, –  onları biz hamımız  bir ailənin üzvü kimi qəbul edirik, – belə halları qəbul etməyəcək və belə hallara öz adekvat münasibətini bildirəcəklər.
Əkrəm Əylislinin daşıdığı adlar ona rahatlıq verəcəksə, qoy o bu adları daşısın. Yox, əgər rahatlıq olmayacaqsa, o, əlbəttə ki, bu gün bəyan etdiyi kimi, Bakıdan çıxıb, dostlarının, qohumlarının yanına gedəcəkdir. O hesab edir ki, orada yeri rahat olacaqdır. Amma bilsin ki, incitdiyi laməkan ruhlar onu hər yerdə tapacaqlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Artıq 47 dəqiqə keçib. Bir çox millət vəkillərimiz…
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, xahiş edirəm...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Elə olsa, gərək hamı fikrini bildirsin və bugünkü iclasımızı, ermənilərin təbiricə desək, Aqulisliyə həsr edək.
Mən bu günlər ərzində bütün bu yazıları izləmişəm. Bu gün səhər tezdən də Əkrəm Əylislinin “Azadlıq” radiosuna verdiyi müsahibəyə qulaq asmışam. Adam, həqiqətən, xəcalət çəkir. Adam xəcalət çəkir ki, qanı qanımızdan, milləti millətimizdən olan, – əgər elədirsə, – bir adam öz millətinə qarşı belə hərəkət edir. Amma bir az diqqət eləyəndə görürsən ki, bunun dərin kökləri var. Birincisi, əgər bu insan bunu 2006–2007-ci illərdə yazmışdısa, niyə neçə illərdən sonra məhz indi – 2013-cü il Prezident seçkiləri ərəfəsində çapa verib? İkincisi, bu əsəri yazmaqda məqsədi nədir? Yəni bundan da böyük ad qazanmaq istəyirdi? Xalq yazıçısıdır, ən yüksək dövlət ordenləri ilə təltif olunub. Deməli, məqsədi bu deyil.
Onun məqsədi uzaqlara gedir. Əkrəm Əylisli Azərbaycanı tərk edəcək. O hər şeyi düşünüb-daşınıb. Yiyələrindən tapşırıqlarını alıb və qarşısında məqsəd qoyub ki, bugün-sabah nə olsa, Azərbaycandan imtina etsin, getsin və bəziləri kimi bunun da kim isə Nobel mükafatına namizədliyini təklif etsin. Amma Nobel mükafatı yox, ondan da böyük mükafat olsa, Azərbaycan xalqının nifrəti onların hamısının üstünü örtəcək.
Bu öz açıqlamasında yazır ki, mən bir bədii əsər yazmışam. Yaxşı, bədii əsər yazan adamın əgər beyni işləyirsə, nəyə görə Sumqayıt hadisələrindən başlayır? Ermənilərin 80 nəfər azərbaycanlı uşağı Ermənistanda borunun içinə doldurub qaynaqlamağı niyə yadına düşmür, niyə ondan yazmır? Məgər gözləri kor idi, görmürdü ki, Sumqayıt hadisələrini törədən kim idi?
Bu yazıya heç cür bəraət qazandırmaq olmaz. Bunu əgər dəstəkləyən bir adam varsa, o da şübhəli adamdır. Bu yazı heç bir azərbaycanlıya yaraşmayan, Azərbaycan xalqının heysiyyətinə toxunan bir yazıdır. Bəzi  qəzetlər yazırlar ki, bunu dəstəkləyənlər var. O dəstəkləyənlərin də məzhəbinə şübhə yaranır. Buna artıq xalq öz qiymətini verdi, deputatların əksəriyyəti qiymətini verdi. Zaman, vaxt da göstərəcək ki, bu yazının məqsədi nədir.
Mən hamının bu barədə yazılarını oxudum. Sabir Rüstəmxanlının da, Siyavuş Novruzovun da... Azayın məşhur xalq məsəlini yada salması çox xoşuma gəldi. Həqiqətən, hər dədəsinin gözünü çıxaran Koroğlu olmur.  Bizim millət çox həssas millətdir. Təbii ki, Ermənistan–Azərbaycan münasibətlərinə toxunan məsələlərdə daha həssasdır. Və mən inanmıram ki,  milli ruhu, düşüncəsi olan hər hansı azərbaycanlı bu məsələnin düzgün qiymətini verməsin. Ona görə xahiş edirəm, bu məsələni kənara qoyaq.
Bu gün Milli Məclisin 2013-cü il yaz sessiyasının birinci günüdür. İmkan verdim, 45–50 dəqiqə danışdıq. İndi, xahiş edirəm, gündəliyə keçək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun.
Bildiyiniz kimi, hər il parlamentin yaz sessiyasının birinci iclasında Milli Məclisin İntizam Komissiyasının və Hesablayıcı Komissiyasının yenidən təşkil edilməsi haqqında qərar layihələrini sizin müzakirənizə təqdim edirik. Daxili Nizamnamənin 40-cı və 41-ci maddələrinə uyğun olaraq hər iki komissiyanın üzvlərinin təklif olunan tərkibdə siyahıları sizə verilib. Bu tərkibə etiraz yoxdur? Əgər etiraz yoxdursa, xahiş edirəm, gündəliyin birinci məsələsinə  –  Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında qərar layihəsinə səs verək.

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
Lehinə  108
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsinə – Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında qərar layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.57 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı haqqında. Mən İlyas müəllimin bu planın 1-ci bəndinə təklif etdiyi əlavə ilə tamamilə razıyam. Amma bir şeyi deyim. Burada “deputatlar” sözü ona görə yazılmayıb ki, qanunvericilik fəaliyyəti ilə məşğul olmaq onsuz da deputatların əsas funksiyasıdır və aydındır ki, onların hər birinin qanunvericilik təşəbbüsü qaydasında qanun layihəsi təqdim etmək hüququ var. Amma arzu varsa, planın 1-ci bəndinə “deputatlar” sözü əlavə olunacaq. Mən etiraz etmirəm. İndi gündəliyin üçüncü məsələsi, yəni qanunvericilik işləri planı haqqında çıxış etmək istəyənlər varsa, xahiş edirəm, yazılsınlar. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk olaraq bildirmək istəyirəm ki, qanunvericilik işləri planında Elm siyasəti haqqında qanun layihəsi olsa da, nədənsə təhsillə əlaqədar yeni qanun layihələrinə yenə də rast gəlmədim. Halbuki təhsilin ayrı-ayrı pillələrini əks etdirən çərçivə qanunlar gərəklidir. Soruşmaq istərdim ki, məktəbəqədər, ibtidai, orta, texniki peşə və ali təhsillə əlaqəli çərçivə qanunlarının qəbulunun bu qədər yubanmasının səbəbi nədir? Həmin qanunların qısa zaman ərzində hazırlanaraq müzakirəyə təqdim edilməsi günün və cəmiyyətin tələbidir.
Ümumilikdə, qanunvericilik işləri planını bəyəndiyimi qeyd etmək istəyirəm, çünki burada uşaqların sağlamlaşdırılması, məcburi dispanserizasiyası kimi mühüm sosial yönümlü qanun layihələrinə rast gəlmək mümkündür.
Fürsətdən istifadə edərək iş planına sosial məsələlərlə bağlı iki qanun layihəsinin salınmasını təklif edərdim. Belə ki, birinci xanımımız Mehriban  Əliyeva tərəfindən təşəbbüs kimi irəli sürülən və Milli Məclisin Sosial siyasət komitəsi tərəfindən hazırlanan Azərbaycan Respublikası Ailə Məcəlləsinin 13-cü maddəsinə müvafiq əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsinin yaz sessiyasının qanunvericilik işləri planına daxil edilməsini xahiş edirəm. Xatırladım ki, bu dəyişikliklərdə söhbət nikaha daxil olarkən tibbi arayışın tələb olunmasından gedir. Hesab edirəm ki, bu dəyişiklik sayəsində bir sıra neqativ halların qarşısı alınacaqdır.
Söhbət ondan gedir ki, məcəllənin qüvvədə olan variantında nikaha daxil olan şəxslərin tibbi müayinəsi onların razılığı ilə həyata keçirilirdisə, təklif olunan yeni layihəyə əsasən həmin şəxslər nikaha daxil olarkən ərizə ilə birgə tibbi arayışı da qeydiyyat şöbəsinə təqdim etməlidirlər. Beləliklə, bu insanlar  gələcək həyat yoldaşının səhhəti haqqında ətraflı məlumat əldə edəcəklər. Bildiyiniz kimi, hazırda boşanmaların xeyli hissəsi məhz tərəflərdən birinin səhhəti ilə bağlı olur. Məncə, cəmiyyət üçün lazımlı olan və ictimai müzakirələrdən çox uğurla keçən belə bir qanun layihəsınin təxirə salınması heç də düzgün deyil. Axı layihədə heç bir halda nikahın qadağan olunmasından söhbət getmir, çünki bu, ən azından, insan hüquqlarının pozulmasıdır. Hətta tərəflərdən birində “HIV” xəstəliyi ortaya çıxarsa belə, nikaha daxil olmaq qadağan edilmir, evlənməklə bağlı qərar tərəflərin öz ixtiyarına verilir.
Digər bir məsələ isə ondan ibarətdir ki, dünyada olduğu kimi, ölkəmizdə də xeyli sayda uşaq və yeniyetmə autizm xəstəliyindən əziyyət çəkir. Bu xəstəliyə düçar olmuş insanlar uşaq vaxtlarından həmyaşıdları ilə ünsiyyətdən məhrum olur, özlərini tam şəkildə ifadə edə bilmir,  nəticədə bir növ cəmiyyətdən təcrid olunurlar. Əlbəttə ki, bu mənfi hallar da gələcəkdə həmin şəxslərin öz həyatlarını qurmasına, cəmiyyətdə öz yerlərini tutmasına çox böyük çətinliklər yaradır. Hətta bu yaxınlarda bir qrup valideyn mənə müraciət edərək xahiş ediblər ki, bu xəstələrin vaxtında müalicə alıb, cəmiyyətə inteqrasiya olunmasına nail olmaq üçün Autizm İctimai Birliyinin təsis edilməsində və onun Ədliyyə Nazirliyində qeydiyyata alınmasında  onlara dəstək verim. Xatırladım ki, biz dağınıq skleroz, diabet, talassemiya xəstəlikləri ilə əlaqədar qanunlar qəbul etmişik. Amma təəssüflər olsun ki, bu günə kimi autizm xəstəliyi ilə əlaqədar qanun qəbul etməmişik. Hətta mən deyərdim ki, cəmiyyətin özü bu xəstəliyin varlığından və onun fəsadlarından xəbərsizdir. Buna görə hesab edirəm ki, bu xəstəlik daşıyıcılarına dövlət qayğısını özündə əks etdirəcək müvafiq qanun layihəsi hazırlanaraq müzakirəyə təqdim edilməlidir. Yaz sessiyasının qanunvericilik işləri planından işimizin o qədər də gərgin olmadığını gördüyüm üçün düşünürəm ki, fəaliyyətimizin bir hissəsini ictimai müzakirələrə həsr edə bilərik. Mən yenə də təkidlə qanunlarımızın icrası ilə əlaqədar icra strukturları rəhbərlərinin və deputatların birgə dinləmələrinin keçirilməsini istərdim. Bunun sayəsində qanunların icra olunmamasının, ya da lazımınca icra edilməməsinin səbəblərini araşdıra, bu cür neqativ halların qarşısını əhəmiyyətli dərəcədə ala bilərik. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar,  istərdim, bir məsələni razılaşdıraq. Yazılanlar çoxdur, çıxışlar 5 dəqiqə olsun, yoxsa 10 dəqiqə? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 5 dəqiqə? Aydındır, Qənirə xanım, buyurun. 
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də,  təbii ki, qanunvericilik işləri planını dəstəkləməklə bərabər, bir neçə təklif irəli sürmək istəyirəm. Bu təkliflərdən biri bizim Sosial siyasət komitəsində hazır şəkildə olan İctimai yerlərdə siqaretin çəkilməsinin qadağan edilməsi ilə bağlı qanun layihəsidir. Dünyanın bütün sivil ölkələrində bu qanun qəbul olunub, normal şəkildə də icra olunur. Söhbət ondan gedir ki, ictimai yerlərdə siqaretin çəkilməsi qadağan olunsun. Biz hamımız  görürük ki, ölkəmizdə bu sahədə vəziyyət, çox təəssüf ki, ürəkaçan deyil. Biz çox istəyərdik ki, insanlar bunu könüllü etsinlər, ictimai yerlərdə siqaret çəkilməsin. Amma bu gün getdiyimiz bütün ictimai yerlərdə, çox təəssüf ki, siqaret çəkilir. Təbii ki, siqaretdən istifadə edən insanlar özləri qədər digərlərinin də sağlamlığına zərər vururlar. Siqaretdən istifadə etməyən insanları onun zərərli təsirindən qorumaq üçün dünyanın bütün sivil ölkələri bu qanunu qəbul ediblər və bu mədəniyyətin formalaşması üçün bunu qanunvericilik çərçivəsində həyata keçiriblər. Bizdə hazır qanun layihəsi var və mənə elə gəlir ki, biz onu müzakirəyə çıxara bilərik. Cəmiyyət də buna öz münasibətini bildirər.
Mən hörmətli millət vəkillərinin diqqətinə çatdırım ki, elə bu istiqamətdə biz qanun qəbul etmişik. Amma bu qanun necə yerinə yetirilir? Söhbət “Tütün və tütün məmulatı haqqında” Qanundan gedir. Bu qanunun 15.3-cü maddəsində deyilir ki, 18 yaşına qədər uşaqlara siqaretin satılması qadağandır. Amma özümüzün qəbul etdiyimiz qanun ölkədə yerinə yetirilmir. 18 yaşına qədər uşaqlara, demək olar ki, hər  yerdə siqaret satılır və bu çox ciddi bir məsələdir. Bu gün Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə baxsanız, görərsiniz ki, Azərbaycan həm siqaret çəkənlərin, həm də adambaşına düşən siqaretin sayına görə dünyada ön sıralarda olan ölkələrdən biridir. Təbii ki, gənclər, məktəbyaşlı uşaqlar arasında siqaretdən istifadənin artması narahatlıq doğurur, çünki onlar millətin gələcək genofondudur. Bu bizi ciddi şəkildə narahat etməlidir. Ona görə də bu qanunun  yerinə yetirilməsi, onun sərtləşdirilməsi üçün nələr etməliyik sualı ətrafında bu sessiya çərçivəsində  düşünməliyik.
Çox gözəl qanundur, amma təəssüf ki, yerinə yetirilmir. Məsələn, qanunun 15.5-ci maddəsində yazılır: “Tədris-tərbiyə, səhiyyə, sağlamlıq və mədəniyyət obyektlərində, habelə uşaq və  yeniyetmələr üçün malların satışı yerlərində tütün məmulatının ticarətinə yol verilmir”. Çox təəssüf ki, bu yerlərin hamısında siqaretin satışı qadağan olunsa da, buna əməl olunmur və qanunun maddəsi işləmir.
Qanunun 15.6-cı maddəsində yazılıb: “Tütün məmulatının ticarəti yerlərində siqaret çəkməyin sağlamlığa zərərli təsiri, 18 yaşına çatmamış şəxslərə tütün məmulatının satışının qadağan edilməsi, habelə tütün məmulatından istifadənin məhdudlaşdırılmasına xidmət edən digər yazılar olmalıdır”. Biz harada bu yazıları görürük? Bu yazılar heç bir yerdə yoxdur. Ona görə, hesab edirəm ki, biz qəbul etdiyimiz bu qanunun yerinə yetirilməsi istiqamətində əlavə mexanizmlər düşünməliyik. Sərtləşdirmələr gərəkdirsə, onlar da həyata keçirilməlidir ki, bu məsələ öz həllini tapsın.
Mənim üzərində duracağım digər qanun layihəsini 1999-cu ildə qəbul etmişik. Bu gün cəmiyyətdə buna ciddi ehtiyac olmasına rəğmən, bu qanun hələ də ciddi şəkildə yerinə yetirilmir. 1999-cu il 28 oktyabr tarixində qəbul edilən “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” Qanunda transplantasiya məqsədi ilə meyitdən və ya donordan orqan və  toxumaların götürülməsi məsələləri öz həllini tapır. Bu gün Azərbaycanda  orqan köçürülməsi genişlənir və yaxşı mütəxəssislərimizin də sayı artır. Amma çox təəssüf ki, qanunun bu maddəsini yerinə yetirmək üçün bu günə qədər hüquqi mexanizmlərin heç biri yoxdur və ölkədə bu proses getmir. Buna görə də orqan köçürülməsində mütəxəssislərin çox ciddi problemləri yaranır. Mənə elə gəlir ki, biz bu məsələni də gündəmə çıxarıb “nələr olunmalıdır “ sualına aydınlıq gətirsək, yaxşı olar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, mən də yaz sessiyasının başlanması münasibəti ilə hamınızı təbrik edirəm, hər birinizə qanunvericilik prosesində uğurlar diləyirəm. Təqdim edilmiş  qanunvericilik işləri planı ilə bütövlükdə razıyam və buna səs verəcəyəm. Bununla bərabər, bir sıra təkliflərim var, arzulayardım ki, onlar da nəzərə alınsın.
Dəfələrlə burada söyləmişəm və düşünürəm ki, hər birimizi düşündürən vacib məsələlərdən biri də Azərbaycanda informasiya təhlükəsizliyinin təmin edilməsi ilə bağlı qanunvericilik aktının qəbul edilməməsidir. Təəssüf edirəm ki, bu günə qədər informasiya  təhlükəsizliyi haqqında qanun olmadığına görə bu sahədə ən müxtəlif problemlərlə qarşı-qarşıya dayanırıq. Bir tərəfdən, Azərbaycana düşmən olan qüvvələrin həyata keçirmiş olduğu informasiya müharibəsi, digər tərəfdən, informasiya təhlükəsizliyi haqqında qanunun olmaması nəticəsində ayrı-ayrı qüvvələrin Azərbaycanın əleyhinə materiallar hazırlayaraq müəyyən ünvanlara çatdırmasının və sonradan Azərbaycan dövlətinin üzərinə gəlməsi hallarının şahidi oluruq. Ona görə də informasiya təhlükəsizliyi haqqında qanunun qəbul edilməsini zəruri hesab edirəm. 
Araşdırmalar göstərir ki, son vaxtlar Azərbaycanda demoqrafik sahədə müəyyən çatışmazlıqlar var. Yəni uşaq artımında əvvəlki illərdən fərqli olaraq azalmalar hiss olunur. Ona görə də düşünürəm ki, Ailə Məcəlləsində dəyişikliklər edilməli və çoxuşaqlı ailələrin stimullaşdırılmasına xüsusi diqqət yetirilməlidir.  Azərbaycan dövlətinin buna kifayət qədər imkanları var və bu, Azərbaycanın strateji bir məsələsidir. Məncə, millətimizin artımı məsələsində gələcəkdə problemlərlə üzləşməmək üçün belə bir dəyişikliyin edilməsinə ciddi ehtiyac var.
Son vaxtlar ayrı-ayrı ticarət mərkəzlərində sahibkarlardan vergilərin yığılması ilə bağlı müəyyən çətinliklərlə üzləşirik. Bundan da bu və ya digər şəkildə istifadə olunur. Mən müəyyən araşdırmalar aparmışam. Bəlli olub ki, “Sədərək”, “Binə” kimi iri ticarət mərkəzlərində, təkcə Bakıda deyil, Azərbaycanın iri rayon və şəhərlərindəki bazarlarda rüsumlar hansı qaydada yığılır? Qeyri-rəsmi şəkildə, heç bir müqavilə olmadan  həmin bazarın sahibinin işçiləri, deyək ki, hər piştaxta üçün 20–30 manat, yaxud da 50–100 manat haqq qoyur, heç bir çek də vermir, sadəcə, həmin pulu yığır və gedir. İndi bunlar vergini nə dərəcədə ödəyir, ödəmir – bu, ciddi sual doğurur. Ondan başqa da həmin piştaxtanın arxasında oturan satıcı, kiçik sahibkar  söyləyir ki, mən vergini verməyə hazıram, etiraz etmirəm, lakin müəyyənləşdirilsin ki, mən nə qədər rüsum, vergi verməliyəm. Onun gündəlik qazancı 20–30 manatdırsa, 20 manatı rüsum kimi, 10 manatı da vergi şəklində əlindən alırlarsa, onda bu nə qazanır? Düşünürəm ki, bu məsələ də ciddi şəkildə aydınlaşdırılmalıdır və bununla bağlı konkret addımlar atılmalıdır. 
Mən hörmətli həmkarımız Qənirə Paşayevanın təklifini birmənalı şəkildə dəstəkləyirəm. Düşünürəm ki, gənclərimizin sağlamlığını təmin etmək üçün  Azərbaycanda ictimai yerlərdə siqaretin çəkilməsini qadağan edən sərt qanunun qəbul edilməsinə ciddi ehtiyac var. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. 2013-cü il yaz sessiyasının iş planına xeyli sanballı qanunvericilik sənədləri daxil edilib. Onların içərisində Rəqabət Məcəlləsini xüsusi olaraq qeyd etmək istərdim. Fürsətdən istifadə edərək Milli Məclisin rəhbərliyinə təşəkkür edirəm. Bu məcəllənin donma nöqtəsindən tərpənməsi üçün işçi qrupunun yaradılması irəliyə doğru atılan çox ciddi addımdır və bu o deməkdir ki, məhz yaz sessiyasında Rəqabət Məcəlləsinin qəbulu mümkün olacaqdır. 
İkinci, qeyd etmək istəyirəm ki, vaxta qənaət etmək üçün  çıxışım həmkarım Vahid Əhmədovun çıxışı kimi qəbul edilsin. Həmkarım Vahid Əhmədovla birlikdə Reklam haqqında qanun layihəsi vermişik. Bu qanun layihəsi yaz sessiyasının gündəliyinə salındığı üçün təşəkkür edirik. Hesab edirəm ki, bu qanunun da qəbul edilməsi reklam sahəsində olan problemlərin aradan qaldırılması və sağlam bir hüquqi bazanın formalaşdırılması üçün çox mühüm əhəmiyyət kəsb edir.
Bu gün burada qaldırılan bir məsələni xüsusi qeyd etmək istəyirəm. Sabah Gənclər günüdür. Azərbaycan əhalisinin xeyli hissəsi də gənclərdir. Bu münasibətlə mən Azərbaycanın bütün gənclərini təbrik edir, onlara ən xoş arzularımı bildirirəm. Eyni zamanda, bildirirəm ki, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət proqramı hazırlanır. Orada təşkilati tədbirlərlə yanaşı, hüquqi təminat məsələləri də var. Gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, ipoteka kreditləşməsində onların tələbatının ödənilməsi üçün hazırladığımız təkliflərin qəbul edilməsi istiqamətində addımların atılmasını zəruri hesab edirik. Biz bu sahədə çox maraqlı təkliflər hazırlamışıq və o zərfi maraqlanan təşkilatlara verə bilərik. Bu da ipoteka kreditləşməsi sahəsində güzəştli hesab olunan insanların, o cümlədən gənclərin mənzil şəraitinin  yaxşılaşdırılması prosesini xeyli sürətləndirmiş olar.
Keçən il vergi yükünün azaldılması istiqamətində çox sanballı bir sənəd qəbul etdik. Qəbul edilən qanunvericilik sənədlərinin içərisində bu, real sektorun inkişafı üçün çox zəruridir. Bu prosesin yaz sessiyasında davam etdirilməsini vacib hesab edirik. Düşünürük ki, 1 faiz ətrafında inflyasiya olan ölkədə 20–25, bəzən də 30 faiz bank faizinin  olması anormallıqdır. Ona görə də bu istiqamətdə təkliflərin hazırlanmasını, bank faizlərinin aşağı salınması istiqamətində tədbirlərin görülməsini vacib hesab edirik. Əgər bu mexanizm qalacaqsa, maşınların əksəriyyəti bankların ətrafında yığılıb qalacaq. Bu mexanizm qalacaqsa, mənzillərin əksəriyyəti bankların öhdəsinə keçəcək. Bu cür insafsız faiz dərəcələri olmaz. Bu o vaxt olar ki, məsələn, müstəqilliyin ilkin dövrlərində inflyasiya min faizdir və sair. İndiki dövrdə bunu birdəfəlik aradan qaldırmaq üçün ciddi tədbirlərin görülməsini vacib hesab edirik.
Sosial proseslərin tənzimlənməsi istiqamətində qanunvericilik sənədlərinin də təkmilləşdirilməsi istiqamətində zəruri işlər görülür. Burada aztəminatlı ailələrin təminatının yaxşılaşdırılması istiqamətində görülən işləri alqışlamaqla yanaşı, indiki dövrün həssaslığını nəzərə alaraq bu qanunvericilik sənədlərinin daha da təkmilləşdirilməsini vacib hesab edirik.
Biz həm Rəqabət Məcəlləsinə, həm də Reklam haqqında qanun layihəsinə görə təşəkkür edirik, amma Təhsil kreditləri haqqında qanun layihəsini yaz sessiyasının gündəliyində görməməyimizdən təəssüflənirik. Təhsil krediti haqqında qanun layihəsinin qəbul edilməsi aztəminatlı ailələrdən çıxan istedadlı gənclərin ali təhsil alması üçün çox vacibdir. Bəzən belə fikirlər səslənir ki, test üsulu ləğv olunsun. Bəzən də deyirlər ki, ümumiyyətlə, Azərbaycanda təhsil pulsuz olacaq, ona görə Təhsil kreditləri haqqında qanun layihəsi lazım deyil. Əgər belə olarsa da, bu, gələcəyin işidir.  O biri tərəfdən də test üsulunun ləğvi barəsində düşünmək belə olmaz. Bu, testdən qabaqkı təhsildəki korrupsiyanın təkrarı demək olacaq. Bu da Azərbaycan  üçün  ağır zərbələrə gətirib çıxara bilər. Azərbaycanda yoxsul ailə məhz test vasitəsi ilə övladının ali təhsilini təmin edir. Bu nöqteyi-nəzərdən bu proses davam etdirilməlidir. Təhsil kreditləri haqqında qanun layihəsinin irəliləməsi üçün işçi qrupunun yaradılması və oradakı bir sıra mübahisəli məsələlərin bir həftə ərzində həll edilməsi mümkündür. Bu işin də qəribçiliyə salınmamasını xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bir daha keçmiş dövrlərdə parlamentdə bir neçə dəfə səsləndirilmiş məsələyə qayıtmaq istəyirəm. Bu, kütləvi həyatımızı əhatə edən bir problemdir. Biz uzun müddət bunu mediada, cəmiyyətdə “qanunsuz tikililər” adlandırmışıq. Amma bu, 10 illər ərzində mövcud olduğundan, necə deyərlər, qanuniləşib və insanların həyatının ayrılmaz hissəsinə çevrilib. Bu, kütləvidir, çoxsaylıdır,  həm iqtisadi, həm də sosial xarakterli problemdir və sair. Bu, tənzimlənməli  və qanunvericilik sistemində qaydasına qoyulmalı olan problemlərdən biridir.
Etiraf etməliyik ki, biz hələ də bu ölkədə mülkiyyətin müqəddəsliyini təmin edə bilməmişik. Biz keçmişdə qanunlar qəbul etdik: kompensasiyaların ödənilməsi və sair. Adamlar bir sıra hallarda sənədlərin toplanmasına qədər müvafiq icra qurumları ilə münasibətlərə girirlər və bəzən razılaşmalar tapılmır. Bu da dövlətin əleyhinə istifadə olunan bir siyasətə çevrilir. Ona görə də mən çox arzulayıram ki, biz bu sessiyada, nəhayət, bu tikililərlə bağlı bir qanun qəbul edək. Ya müxtəlif illərə, dövrə, ya da dərəcələrə bağlamaq lazımdır və müxtəlif göstəricilərlə bu proses yoluna qoyulmalıdır. Çünki 100 minlərcə insan həm də aktiv seçici deməkdir. Bunlar paralel şəkildə  müxtəlif infrastrukturun yaxınlığındadır, çevrəsindədirlər. Bu da başa düşüləndir. Kimsə ticarətə, hərəkət yollarına yaxın olmaq istəyir və sair. İnsanlar harada məskunlaşır, bunun bir təbii qaydası var. Ona görə çox arzulayıram ki, bu seçki ilində bu problemi kimsə əlində bayraq edib dövlətin, iqtidarın əleyhinə çevirməsin deyə bu məsələni  tənzimləyək və bunun qanuni yolu tapılsın. Onların ödəmələri də büdcəyə kifayət qədər vəsait gətirərdi.
İkinci, dəfələrlə burada ipoteka mövzusuna qayıdılır. Ziyafət müəllim, biz sosial ipoteka məsələsinə bir daha qayıdacağıqsa, onu burada müəyyənləşdirək. Bu, bölgələrin xüsusi indeksasiya ilə fərqləndirilməsidir. Sanki vahid bir qanun, vahid prinsiplər, vahid   faiz dərəcələri və sair müəyyənləşdirmişik. Halbuki Goranboy insanı ilə Bərdə vətəndaşının ödəmə imkanları, maaş göstəriciləri,  sosial durumu, mülkiyyətinin dəyəri çox  fərqlidir. Ona görə çox yaxşı olardı ki, bölgələr üzrə diferensiallaşdırma tətbiq edək. Bu, həqiqətən də, ipotekanın əlçatanlığını təmin edərdi. Bu, insanlarımız, xüsusilə də gənc ailələr tərəfindən yüksək qiymətləndirilir.
Üçüncü, mən bir az hərbi məsələlərə toxunmaq istəyirəm. Bu dövrdə müxtəlif hadisələr baş verdi və buna cəmiyyətin münasibəti də var. Bu da başa düşüləndir, çünki bu, kütləvi həyatımızı əhatə edir. Həm də ölkənin müdafiə qabiliyyəti, təhlükəsizliyi məhz bu qurumlardan  asılıdır.   Ötən dövr ərzində silahlı qüvvələrin formalaşması, peşəkarlaşması və modernləşməsi yolunda çox böyük işlər görülüb. Amma razılaşaq ki, vətəndaşın, yeniyetmənin orduya hazırlığında çox ciddi problemlərimiz var. Mən, sadəcə,  hərbi dərslikdən danışmaq istəmirəm. Valideynlərin kölgəsi altında böyüyənlər çox fərqli bir  relyefə, coğrafiyaya, mühitə düşəndə özlərini apara bilmirlər. Ona görə biz insanlarımızın hərbi xidmətə hazırlığını müəyyən edən xüsusi dövlət proqramı qəbul etməliyik. Bu çox vacib bir məsələdir və dünyanın hər yerində var. Bu, subyektiv olaraq bizim ağlımıza gəlmiş  məsələ deyil.
Nəhayət, mən bir daha müəllimlərlə bağlı məsələyə qayıtmaq istəyirəm. Səhv etmirəmsə, Elmira xanım bu problemdən bəhs etdi. Biz razılaşaq ki,  ötən dövr ərzində bu sektorda problemlər müəllim kadrları hazırlayan institutlarla bağlı olub. Biz o qanunun müzakirəsi zamanı dedik ki, bir dənə müəllim yetişdirən ali təhsil ocağı olmalıdır. Amma bu, onlarca olub. Bu gün  norma şagirdlərə düşən göstəriciyə görə 3 dəfə artıqdır. Ona görə də onların  maaşı aşağıdır və sair. Biz niyə bunu qanunla tənzimləməyək? Azərbaycan müəlliminin  statusu, hüquqi vəziyyəti, durumu və sairlə əlaqəli qanuna çox böyük ehtiyac var. Müəllim Azərbaycan  həyatının əsasını təşkil edir. Dövlət də buna büdcə vəsaitlərində üstün bir yer verir. Amma burada o qədər insan çalışır ki, bu fonda Azərbaycan müəlliminin statusunu, sosial şəraitini  Qərb müəlliminin səviyyəsinə  qaldıra bilmirik. Onlar da bu və ya digər səviyyədə bizdən narazı olurlar. Ona görə də mən çox istərdim ki, bu sessiyada Azərbaycan müəllimi haqqında bir qanun qəbul edək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Hörmətli sədarət, mən güman edirəm ki, 2013-cü ilin əhəmiyyətli bir il olduğunu nəzərə alaraq yaz sessiyasının iş planına Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı çox ciddi bir sənəd təqdim olunmalıdır. Bunu biz dəfələrlə bir sıra müxalifət partiyaları ilə razılaşdırılmış şəkildə təqdim etmişik. Çox təəssüflər olsun ki, hakimiyyətin xeyrinə olan qanun layihələri dərhal müzakirəyə çıxarılır, amma bizim təqdim etdiyimiz qanun layihələrinə nədənsə baxılmır. Niyə bunlar müzakirəyə çıxarılmır, bunun cavabını bilmirik. Amma bu il Seçki Məcəlləsində Azərbaycan cəmiyyətinin müxtəlif  tərəflərini razı salan,  etimadını qazanan dəyişikliklərə ciddi ehtiyac var.
İlk növbədə Seçki Məcəlləsində komissiyalarla bağlı cəmiyyətdə ciddi şəkildə etimadsızlıq, narazılıq var. Bu etimadsızlığı və narazılığı aradan qaldırmaq üçün seçki prosesində iştirak etmiş və ən azı 1 faiz səs toplamış siyasi partiyalar seçki komissiyalarının formalaşmasında iştirak etməlidirlər. Bu, hesab edirəm ki, 2013-cü ilin Prezident seçkilərində etimad limitini təşkil edər və cəmiyyət seçki komissiyalarına güvənər. Həm parlamentdə  təmsil olunan, həm də parlamentdən kənarda qalan partiyalar seçki komissiyalarının formalaşmasında iştirak etməklə, əslində, seçkinin nəticələrini əvvəlcədən şübhə altına almazlar.
Yeri gəlmişkən, qeyd edim ki, biz müxalifət partiyası kimi Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq seçki komissiyalarında iştirak edirik. Amma hansı şəkildə iştirak edirik? Əksər rayonlarda guya seçki komissiyaları bizim dairədə olan nümayəndələrimizə məktub göndərib. Təbii ki, poçt onların əlindədir, köhnə bir tarix qoyublar. Nəticədə məntəqə komissiya üzvlərinin böyük əksəriyyəti təmsil olunmayıb.
Məsələn, Sumqayıt kimi iri bir şəhərdə seçki komissiyalarında bir nəfər komissiya üzvümüz yoxdur. Halbuki bölgəyə uyğun olaraq onu biz təqdim etməliyik. Əsas  nə götürür? Deyirlər ki, biz poçtla məktub göndərmişik, o sizə gec çatıb. Bizə nə dəxli var? Biz poçt xidmətiyikmi? Yaxud da katibliklə bağlı proporsiya bölünür, hakimiyyət Mərkəzi Seçki Komissiyasında və  dairədə çoxluğu təşkil eləyir və deyirlər ki, səs vermədilər, keçmədi. Bu əgər mərkəzləşdirilmiş qaydada bölünürsə, nədən bizim dairədəki katib yerimiz həmin bölgüyə əsasən bölünmür, amma artıq sizə sərf eləyəndə səsvermə olur? Məntəqələrdə üzvlərimiz təmsil olunmurlar. Bu onun göstəricisidir ki, əslində, Seçki Məcəlləsi tam şəkildə hakimiyyətin nəzarətindədir və cəmiyyətin əksər təbəqələri, xüsusilə seçkidə maraqlı olan tərəflər etimad göstərmirlər. Ona görə də hesab edirəm, Seçki Məcəlləsində ilk dəyişməli olan məsələ parlament seçkilərində bir faiz səs toplamış siyasi partiyalardan ibarət seçki komissiyalarının yenidən formalaşdırılmasıdır.
İkinci deyəcəyim məsələ Seçki Məcəlləsində təbliğat  müddətini 23 gündən əvvəlki səviyyəyə, 60 günə qaldırılması ilə bağlıdır. 23 gün müddətində Azərbaycanda seçki kampaniyasını aparmaq və seçici ilə təmasda olmaq mümkün deyil. Bunu bəzən xarici ölkələrlə müqayisə edirlər. Hörmətli hüquqşünaslar da qeyd edirlər ki, filan ölkələrdə də seçki təbliğatı 23 gündür. Həmin ölkələrdə müxalifətin televiziyaya çıxmaq imkanları var. Onlar televiziya kanallarında, kütləvi informasiya vasitələrində o qədər geniş səlahiyyətə və seçici ilə təmas imkanlarına malikdirlər ki, seçki günü, sadəcə, fikirlərini toparlayıb müxtəlif mövzularda yekun nitqi söyləyirlər. Amma biz hansı televiziya kanalına çıxırıq? Bu gün burada, Milli Məclisin iclasında çıxış eləyirəm. Gəlin, axşam baxaq, görək hansı televiziya kanalı Azərbaycanın fərqli fikir nümayəndələrini efirdə nümayiş etdirir? ANS televiziyasını çıxmaq şərti ilə, demək olar ki, heç bir kanal bunu vermir. Rəsmi kanallar bizim adicə görüntülərimizi belə vermirlər. Bəs onda biz 23 günlük seçki kampaniyası zamanı necə eləyək, necə fəaliyyət göstərək? Hesab edirəm, buna görə Seçki Məcəlləsinə ciddi dəyişikliklər edilməlidir və  hələ 2009-cu ildə parlamentə təqdim etdiyimiz Seçki Məcəlləsinə dəyişikliklə bağlı qanun layihəsi müzakirəyə çıxarılmalıdır.
Digər təklifim Sərbəst toplaşmaq azadlığı haqqında qanun layihəsi ilə bağlıdır. Sərbəst toplaşmaq azadlığı haqqında...
Sədrlik edən. Biz razılaşdırdıq, səsə qoyduq. Qərar qəbul olunub.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bunu artıq səsə qoyduq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyirəm ki, Milli Məclisin qəbul etdiyi qərara hörmət etmək lazımdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, buyurun, davam edin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Sabir Rüstəmxanlı, buyurun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən Milli Məclisin qəbul etdiyi qərara hörmət eləməliyəm. Bu mənim borcumdur. Biz səsə qoyduq, razılaşdırdıq. Deputatlar da buna səs verdilər. Həmkarlarımız 5 dəqiqə dedilər, məsələ bitdi. Buyurun, Sabir müəllim.
S.Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Milli Məclis! Xahiş edirəm, İqbal müəllimə vaxt verəsiniz, sözünü desin.
Sədrlik edən. Sabir müəllim, İqbal bəy çox söz deyə bilər. Siz neçə illərdir, deputatsınız, biz qərar qəbul elədik. Əksəriyyət dedi ki, 5 dəqiqəyə keçək. Bu nədir, uşaq bağçasıdır bəyəm? Milli Məclisin qəbul etdiyi qərara hörmət eləyin. İqbal bəy çox şey deyə bilər. Sabir müəllim, buyurun.
S.Rüstəmxanlı. Mən də yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı bir neçə təklifimi vermək istəyirəm. Bir təklifi artıq burada həm İqbal Ağazadə, həm də İlyas müəllim dolayı yolla səsləndirdilər. Bu da ondan ibarətdir ki, biz  bir sıra rayonlarda özünü göstərən narazılıqlara bir az ciddi yanaşmalıyıq. Bu il ölkədə seçki ilidir və həssas bir dövrdə yaşayırıq. Şübhəsiz ki, burada müxtəlif münasibətlər toqquşur. Azərbaycanda qəribə bir şərait yaranıb. Ölkədə normal müxalifət olmalıdır. Hesab edirəm ki, bu müxalifət də, xüsusən Milli Məclisdə təmsil olunan müxalifət partiyalarının simasında var. Amma bizdə anormal müxalifət də var. O anormal müxalifəti təəssüf ki, xalq yox, iqtidar özü yaradıb. Bu müxalifət bilərəkdən, ya da bilməyərəkdən vəzifəyə qoyulan adamların törətdiyi əməllərdir. O adamlar ki xalqla işləməyi bacarmır, səviyyəsi aşağıdır, idarəçilik mədəniyyəti yoxdur, özlərini rayonlarda balaca prezidentlər, yaxud da bazarkom kimi aparırlar, onlar xalqı narazı salır və görürsünüz ki, nəticədə rayonlarımızda bir-birinin dalınca hadisələr baş verir. Bütövlüklə o narazı xalq keçir o tərəfə və əslində, müxalifətə bağlı olmayan adamların müxalifət düşərgəsini formalaşdırır. Ona görə də bu məsələyə elə-belə baxmaq olmaz.
Deyək ki, getdik, susdurduq, onların üstünə polis göndərdik, bir sıra  narazı adamlar həbs edildi. Bununla vəziyyət daha da gərginləşir. Əksinə, bu işi törədən adamlar cəzasını almalıdırlar. Bu hadisələrin kökləri araşdırılmalıdır. Niyə rayonlarda bu hadisələr baş verir? Niyə rayona gedən hər kəs özünü orada hakimimütləq hesab edir? Rayon bunun dədəsinin torpağıdır ki, haranı istəsə özəlləşdirə, kimi istəsə işdən götürə, kimi istəsə tutdura bilər? Sanki o, camaata cavab verməyə, onu qapı arxasında qoya bilər. Bütün idarələr balaca qalacığa dönüb. Xalqın heç bir nümayəndəsi ora yaxın düşə bilmir. Bunlar araşdırılmalıdır. Onlar ölkə üçün müxalifətin törətdiyindən qat-qat artıq problemlər yaradır və bunun məsuliyyətini də, güman edirəm, iqtidar özü daşıyır.
Baxın, hadisələr baş verir və onu törədənlər bir kənarda qalırlar. Amma küçədə biri deyir ki, mənə bu yeri hansı əsasla belə baha verirsən? Buna etiraz edir, onda qoçu dəstələri bunun üstünə gəlir və sonda onu həbs edirlər. Əgər Azərbaycanda ədalətli bir mühit yaranmasa, heç vaxt zorla, güclə  iqtidarı uzun müddət hakimiyyətdə saxlamaq olmaz. Bunu tarix, həyat göstərir. Xahiş edirəm, bundan ciddi bir nəticə çıxarılsın. Qohumbazlıqla,  ailə şəbəkələri ilə, biri burada, biri orada olmaqla ölkə idarə oluna bilməz. Azərbaycanda kifayət qədər kadrlar var, onlar haqqında düşünmək lazımdır. Bunlar harada işləməlidirlər? Bunlar nə vaxt özlərini göstərəcək və millətinə xidmət edəcəklər? Mənə elə gəlir ki, Milli Məclisin yaz sessiyasında  ölkədəki vəziyyət müzakirə olunmalıdır.
İkinci, biz dəfələrlə Xəzər ətrafındakı sahələrlə bağlı danışmışıq. Hamımız görmüşük, Xəzərin ətrafı onsuz da düzəngahdır. Relyefi gözəlləşdirən 5–6 yer var. Onların hamısını dağıdıblar, torpağını torba ilə daşıyıblar. Sahildə bir mayak var idi. Gözəl bir dağ, təpə idi. Onu da siçovul kimi eşiblər, dörd tərəfini yeyiblər. Onun yanında təpələr var idi,  bunları da dağıdıb aparırlar. Yaxşı, içəridə yerlər var, versinlər, daşıyıb aparsınlar. Amma bu ekologiyanı, təbii mənzərəni necə pozmaq olar? Niyə buna nəzarət edən soruşmur ki, ay bala, bunu hara daşıyırsan? Sahillər zəbt olunub, bütün Abşeron divarlarla doludur. Bu torpaqları bölüblər. Bunun qarşısı alınmalıdır. Kim buna məsuliyyət daşıyır?
Nəhayət, öz həyatımda şahid olduğum bir məsələni demək istəyirəm. Mən 20 ildən artıqdır, millət vəkiliyəm, sığorta verirəm. Bizim sığortamız belədir ki, ancaq öləndən sonra, yaxud bir təbii fəlakət olarsa, o sığortanın xeyrini görə bilərik. Yaxşı, mən ölməliyəm ki, ailəm 20 il verdiyim sığortanın xeyrini görsün? Ona görə də, xahiş edirəm, bu məsələ bir müzakirə...


Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Sabir müəllim, sığorta müqaviləsi var. Müqaviləyə baxmaq lazımdır. Xoşunuza gəlməsə, ona qol çəkmək lazım deyil. Məhz o məsələlərdən qoruyan sığortaya qol çəkilib, orada başqa şərtlər yoxdur. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən də Milli Məclisin yaz sessiyasında hamınıza böyük uğurlar arzulayıram. Hesab edirəm ki, Milli Məclisin 2013-cü ilin yaz sessiyasının qanunvericilik işləri planı çox ətraflı düşünülüb və təqdim edilibdir. Burada öz əksini tapmış qanun layihələri  yaz sessiyasında Milli Məclisin çox səmərəli işləyəcəyindən xəbər verir. Mən  bu qanun layihələrinə və mövcud qanunlara dəyişikliklərlə bağlı məsələlərə münasibət bildirmək istəyirəm.
Bir təkliflə çıxış edəcəyəm. Son vaxtlar baş verən bəzi hadisələrə münasibətlərdə çox təəssüf olsun ki, hərdən mövqelər bir qədər səthi olur,  təhriflərə də yol verilir. Şübhəsiz ki, hər bir insanın müəyyən  fəaliyyət sahəsi, istəkləri, arzuları var. Ola bilər ki, bunların həyata keçirilməsində müəyyən problemlər olsun. Bunun obyektiv və subyektiv səbəbləri ola bilər. Hər bir halda bunlar araşdırılmalı və müvafiq tədbirlər görülməlidir. Burada  ən əsas meyar qanunçuluqdur və qanunların işləməsidir. O hərəkətlər ki qanuna müvafiqdir, qanunun tələblərinə uyğundur, təbii ki, bununla bağlı məsələlərə qanunda nəzərdə tutulmuş hallarla ölçülər götürülməlidir. Qanuna zidd hərəkətlər qanunun tələblərinə uyğun qiymətləndirilməlidir. Əgər qanun pozuntusu hər hansı bir dövlət məmuru tərəfindən həyata keçirilibsə, əlbəttə, o da qanun qarşısında məsuliyyət daşımalıdır. Yəni burada cəzasızlıq mühitinin yaranmasına heç cür yol verilə bilməz. Cəzasız qalan əməl, əlbəttə, kriminal durumun genişlənməsinə və dərinləşməsinə yol açır.
Bu baxımdan mən istərdim ki,  istər burada,  istərsə də cəmiyyətdə səslənən fikirlərdə bu məsələyə obyektiv münasibət bildirilsin. Bəzi qüvvələr də var, bu, sirr deyil. Xarici mətbuatda səslənən fikirləri, bilmirəm, necə adlandıraq. Bu məqamda, 2013-cü ildə Azərbaycan üçün əhəmiyyətli olan bir hadisə ərəfəsində və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ədalətli mövqeyinin dəstəkləndiyi bir vaxtda bir azərbaycanlı tərəfindən belə bir yazının məhz o mətbuatda çap olunması, şübhəsiz ki, müxtəlif qüvvələrin Azərbaycana qarşı apardığı qərəzli işlərin hələ də davam etdirildiyinin göstəricisidir. Bu baxımdan mən Azərbaycanda müəyyən məsələləri siyasiləşdirməyin qəti əleyhinəyəm və hesab edirəm ki, bu gün aparılan siyasət Azərbaycan vətəndaşlarının təhlükəsizliyinə, onun sosial rifahının yüksəldilməsinə yönəldilib.
Bir məsələni qeyd etmək istəyirəm, o da burada səsləndi. Bu, insanların sosial müdafiəsi, əmək pensiyalarının təyin edilməsi ilə bağlıdır. Bilirsiniz ki, qanunvericiliyə bir çox dəyişikliklər edilibdir. Amma eyni zamanda, Konstitusiyanın müvafiq maddəsində, Mülki Məcəllənin müddəalarında və “Əmək pensiyası haqqında” Qanunda göstərilir ki, qanunun hansı hallarda geriyə qüvvəsi var, hansı hallarda yoxdur. Çox təəssüflər olsun ki, süni şəkildə güzəştli şərtlərlə  pensiyaların təyin edilməsində problemlər yaradılır.  Vətəndaşlar məhkəmələrə müraciət edirlər və hədər yerdən məhkəmələr yükləndirilir. Seçicilərimiz də müraciət edirlər. Onlara deyilir ki, gedin, məhkəməyə verin, işi udun,  biz də təyin eləyək. Halbuki qanunda birbaşa göstəriş var. Mən hesab edirəm ki, qanunlara yenidən baxılmalıdır. Əgər, həqiqətən, burada bir kolliziya varsa, bu, aradan qaldırılmalı, qanundan bu müddəa çıxarılmalıdır. Qanunun icrası ilə bağlı da hüquqi normativ aktlara hansı hallarda dəyişiklik edilməsinə bir daha baxılmalıdır, çünki bəzən qanun  kənarda qalır, müəyyən bir əsasnamə əsasında hərəkət edirlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də qanunvericilik işləri planına səs verəcəyəm, amma bir neçə əlavəmi bildirmək istəyirəm. Hesab edirəm, biz bu sessiyada İnzibati Xətalar Məcəlləsini yenidən qəbul eləməliyik, çünki burada o qədər əlavə və dəyişikliklər etmişik ki, artıq əvvəli ilə axırı uyğun gəlmir. Belə bir məcəllənin ortaya çıxmasına böyük zərurət var. Hesab edirəm, bu, parlament tərəfindən də hazırlanıb təqdim oluna bilər.
Burada bir neçə məsələ qaldırıldı. Bu il seçki ili olduğuna görə  insanlar artıq öz siyasi iradələrini ortaya qoyurlar və müxtəlif fikirlər səsləndirərək, müəyyən addımlar ataraq bu proseslərdə aktiv fəaliyyət göstərməyə hazırlaşırlar. Burada Seçki Məcəlləsinə əlavə və dəyişikliklərin edilməsi qeyd olundu. Təbii ki, Seçki Məcəlləsinə müəyyən prosedur qaydalarda kiçik əlavə dəyişikliklər etmək olar, lakin  fundamental dəyişikliklərə heç bir əsas yoxdur. Çünki bu Seçki Məcəlləsi ilə kifayət qədər azad, ədalətli, demokratik seçkilər keçirilib və bundan sonra da keçirmək olar.
Hər dəfə seçki komissiyalarından danışırlar. İndi bu əhali sizə səs vermir, komissiyanın günahı nədir? Dünyanın hər hansı bir ölkəsində belə bir komissiya forması göstərin. Misal üçün, Amerika Birləşmiş Ştatlarında federal seçki komitəsini götürək. Bitərəflərdən ibarət nümayəndələr heç bir partiyaya aid olmayan insanlardır. Fransada seçkini Daxili İşlər Nazirliyi, Polşada hakimlər keçirir. Başqa-başqa ölkələrdə tamamilə siyasətə aidiyyəti olmayan insanlar bu fəaliyyəti həyata keçirirlər. Bizdə parlamentdə təmsil olunmuş partiyaların nümayəndələri ilə bitərəflərdən ibarət normal bir seçki komissiyası fəaliyyət göstərir. İndi bunu kimin gözü götürür, götürsün, kimin götürmür, götürməsin. Artıq Azərbaycanın özünün normal təcrübəsi var və bu seçki komissiyaları ilə bütün seçkilər keçirilib, bundan sonra da keçiriləcəkdir. Bir daha təkrar edirəm, kiməsə səs verilmirsə, seçki komissiyası günahkar deyil. Getsin, öz sosial bazasını tapsın, iş aparsın, təbliğatını qursun.
Deyirlər ki, təbliğat müddəti çoxaldılsın, bunlara 60 gün vaxt verilsin. Siyasətlə məşğul olan adam elə gündə təbliğat aparır. Yəni siz  tanınmayan şəxs deyilsiniz ki, namizədliyinizi irəli sürüb, özünüzü tanıtmaq üçün vaxt istəyəsiniz. İnsanlar tanıyırlar, mövqe bəllidir. Sadəcə, proqramı çatdırmaq üçün 23 gün böyük müddətdir və kifayət edir. Normal proqram təqdim edirsinizsə, insanlar sizə səs verəcəklər. Normal proqram təqdim etməyəndən sonra kim sənə səs verəcək?
İkinci, özəl kanallar var. Qanunvericilikdə də göstərilib ki, ödənişli və ödənişsiz əsasda seçki təbliğatı aparıla bilər. Get, pulunu ödə, təbliğatını apar.  Bİ-Bİ-Sİ, CNN və Euro-news Amerika Birləşmiş Ştatlarına prezidentliyə namizədlərin hansını pulsuz yaxına buraxır? Pulunu ödəyir, gedir. Amma bizdə İctimai televiziyada pulsuz efir vaxtı, hökumət qəzetlərində pulsuz yer ayrılır ki, hər bir namizəd öz təbliğat kampaniyasını apara bilsin. Yəni bunların  hamısı Azərbaycan qanunvericiliyində çox gözəl şəkildə öz əksini tapıbdır və mən hesab edirəm ki, Azərbaycanın seçki qanunvericiliyində bununla bağlı hər hansı bir problem yoxdur.
Rayonlarla bağlı burada bəzi fikirlər söylənildi. Mən hesab edirəm ki, burada maraqlı tərəflər çoxdur. Bu insanlar hələ bolşevizm ab-havasından uzaqlaşa bilmirlər. Bildikləri şey üsyan, qiyam, dağıntıdır. İki nəfər bir-biri ilə savaşanda deyirlər ki, üsyan başladı. Binə üsyanı, nə bilim, nə. Keçmişdə olurdu, hansısa torpaqlarda üsyan başlayır, acların üsyanı başlayır və sair. Bunların ağlında, dünya görüşündə, təfəkküründə ancaq budur, çünki bunlar üçün Azərbaycanın inkişafı, qüdrətlənməsi, dünyada öz mövqeyini möhkəmləndirməsi maraqlı deyil. Bunlar yalnız onu fikirləşir ki, Azərbaycanda vəziyyət nə qədər pis olacaqsa, bunlar üçün bir o qədər yaxşı olacaq. Arı yuvasına çöp uzadanlar kimi bunların da çöpləri əllərindədir. Düşüb arı yuvası axtarırlar ki, o çöpləri ora uzatsınlar. Təbii ki, xaricdəki  ağaları ilə birgə bu addımları atırlar.
Oqtay müəllim, bir təklif vermək istəyirəm. Gündəlikdə elə qanunlardır ki, fasiləsiz işləyə bilərik. Hesab edirəm, fasiləsiz işləyib, yekunlaşdıraq. Sağ olun.
Sədrlik edən. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planı ilə bağlı qısa fikirlərimi bildirmək istəyirəm. Düşünürəm ki, yaz sessiyasının iş planına çox əhəmiyyətli və vacib qanun layihələri salınıbdır. Onların içərisində mənim təklif etdiyim bir qanun layihəsi də var. Bu, İctimai iştirakçılıq haqqında qanun layihəsidir. Fürsətdən istifadə edib, cənab Sədr, bizim vətəndaş cəmiyyəti institutlarının təşəbbüsünü dəstəklədiyinizə və bu qanun layihəsini gündəliyə saldığınıza görə Sizə minnətdarlığımı bildirirəm. Çox sağ olun. Bilirsiniz ki, biz Milli Məclisə üç qanun layihəsi  təqdim etmişdik. Digərləri Sosial sifarişlər haqqında və Peşə birliyi haqqında qanun layihələridir. Ümid edirəm ki, biz yaxın zamanlarda, ən azı payız sessiyasında bu layihələrə də baxa biləcəyik.
Fürsətdən istifadə edib bir məsələyə də toxunmaq istəyirəm. Burada  həmkarlarım  sosial ipoteka haqqında məsələnin gündəmə salınması,  sosial ipoteka haqqında şərhlərin sadələşdirilməsi və onun daha çox əlçatan olması ilə bağlı fikirlərini söylədilər. Düşünürəm ki, bu gün, həqiqətən də, buna böyük ehtiyac var və Milli Məclis bu məsələni gündəmdə saxlasa, yaxşı olar. Mən qanunvericilik işləri planına səs verəcəyəm və hamını də buna səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Sağ olun, Oqtay müəllim. Mən də Sizi və bütün həmkarlarımı yaz sessiyasının başlanması münasibəti ilə təbrik edirəm. Fürsətdən istifadə edib 2 fevral günü münasibəti ilə bütün Azərbaycan gəncliyini təbrik edirəm. Əlbəttə, mən də yaz sessiyasının qanunvericilik işləri planını dəstəkləyirəm və buna səs verəcəyəm. Həqiqətən də, çox hərtərəfli bir qanunvericilik işləri planı hazırlanmışdır.
Oqtay müəllim, bir xahişim var. Bu gün dünyada təhlükəli xəstəliklərdən biri də Hepatit C-dir. Hepatit C hətta bu gün dünyada bir pandemiya vəziyyətinə gəlib çatıbdır və heç də vərəmin ağır formasından, xərçəngdən və HIV-dən az təhlükə yaratmayan bir xəstəlikdir. Xahişim ondan ibarətdir ki, bu gün bizim milli qanunvericiliyimizdə səhiyyə ilə bağlı kifayət qədər qanunlar olsa da, Hepatit C ilə bağlı xüsusi qanunun qəbul olunmasına çox ehtiyac var. Çünki Azərbaycanda da bu xəstəlikdən əziyyət çəkən çox insan var və çox təəssüf ki, statistika bunun ildən-ilə artdığını göstərir və özü də çox maliyyə tutumludur. Biz tibbi sığorta ilə bağlı qanun qəbul etmişik və möhtərəm Prezidentimizin sərəncamı ilə bununla bağlı xüsusi agentlik yaranıbdır. Bu agentliyin büdcəsində müəyyən qədər vəsait var. Amma təəssüf ki, bu, Nazirlər Kabinetində ilişib qalıbdır. Buna görə Sizdən xahiş edirəm, parlamentin adından həm tibbi sığorta agentliyi, həm də  qanunun işlənməsi ilə bağlı müraciət olunsun və bununla bağlı ayrıca bir qanunun hazırlanması nəzərə alınsın. Çox təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Novruzəli Aslanov.
N.Aslanov. Hörmətli Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mən də təklif edilən Milli Məclisin 2013-cü il yaz sessiyasının qanunvericilik işləri planına  müsbət münasibətimi bildirəcəyəm. Amma ilk öncə burada səslənən bir neçə fikrə münasibətimi bildirmək istəyirəm. Təbii ki, sizin icazənizlə.
Son zamanlar baş verən hadisələrlə əlaqədar  insanlarda bir növ  narahatlıq yaranıb. Qeyd etmək istəyirəm ki, mən hər gün İsmayıllıya səfər edirəm və insanlarla ünsiyyətdə oluram. Bu gün minlərlə insanın küçələrə çıxıb məhz iqtidarın, hökumətin əleyhinə etiraz aksiyaları keçirməsi ilə bağlı səslənən  fikirlərlə və buna xüsusi olaraq siyasi don geydirilməsi ilə tamamilə razı deyiləm. Bir balaca məlumat vermək istəyirəm.
Söhbət ondan gedir ki, – burada Siyavuş müəllim də çıxışında qeyd etdi, – iki nəfərin şərəfsiz və ləyaqətsiz hərəkəti nəticəsində böyük konflikt yaranıb və təbii olaraq insanlar bu konfliktə öz etirazlarını bildiriblər. Bu etirazların da sonradan hansı məcraya yönəlməsinin hamımız şahidi olduq. Xüsusi olaraq qeyd etmək istəyirəm, bir çox qüvvələr arzu edirdilər ki, bu vəziyyət daha da gərginləşdirilsin, proses öz sərhədlərindən çıxsın. Təbii ki, buna nail ola bilmədilər, çünki səhər-səhər cəmi 200–250  insanın küçələrə çıxması və axşam iğtişaşların törədilməsi hamıya bəlli oldu və hamı bunu gördü. Mən özüm də orada idim, həmin insanları görmüşdüm. Bütün bunları nəzərə alaraq qeyd etmək istəyirəm ki, İsmayıllı və ismayıllılar  heç zaman dövlətə və dövlətçiliyin əleyhinə çıxış etməyiblər.
Burada bəzi fikirlər söyləndi ki, problemləri araşdırmaq, öyrənmək lazımdır. Bəli, gəlin imkan verək, dövlətimiz, hökumətimiz həmin problemləri araşdırsın. Mən bir misal gətirmək istəyirəm. Dövlətçiliyi qoruyub saxlamaq üçün təkcə sözlə ifadə etmək yox, müvafiq hərəkətlər lazımdır. Orada cinayət tərkibli hadisələr, yanğınlar baş verib. Biz, təbii ki, bu yanğınları törədən insanlara laqeyd yanaşa bilmərik. Eyni zamanda, orada əmlaka külli miqdarda ziyan dəyib. Hər bir tərəfdən səbəblər araşdırılmalıdır ki, nəyə görə  bu hadisələr baş verib. Onu da qeyd etmək istəyirəm ki, biz iş yerlərinin açılması haqqında danışırıq. Amma həmin yandırılan oteldə İsmayıllıdan olan 30 ailə dolanırdı. Bunun haqqında da fikirləşmək lazımdır.
Hörmətli Oqtay müəllim, mən qanunvericilik işləri planı ilə əlaqədar  təkliflərimi vermək istəyirəm. Hesab edirəm ki, energetik içkilər haqqında müvafiq qanun qəbul edilməlidir. Söhbət ondan gedir ki, bu gün ölkəmizdə müxtəlif çeşidli energetik içkilər satılır. Bunlar insanlara çox böyük ziyan vurur. Bir çoxları hətta həmin energetik içkiləri alkoqollu içkilərlə qarışdırıb istifadə edirlər. Ən dəhşətlisi budur ki, uşaqlarımız, yeniyetmələrimiz həmin içkilərdən istifadə edirlər və elə bilirlər ki, adi “Coca-Cola” və yaxud “Fanta”dır. Xeyr, elə deyil. Bir çox ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında,  Almaniyada, Norveçdə və Skandinaviya ölkələrində bu tipli energetik içkilərin ancaq apteklərdə satılmasına icazə verilir. Mən təklif etmirəm ki, bu içkiləri qadağan edək və satışını dayandıraq. Sadəcə olaraq, yeniyetmələrə  və uşaqlara onun satılması, verilməsi qadağan edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən buradakı bəzi çıxışlara da qulaq asdım, cavabları da dinlədim. Ancaq biz, millət vəkilləri siyasətlə məşğul olan insanlarıq. Hamımız anlamalıyıq ki, cari il seçki ilidir. Azərbaycanın inkişafında bir çox ölkələr,  dövlətlər maraqlı deyil, ona görə də ölkəmizə müxtəlif istiqamətlərdən – xaricdən də, daxildən də təsirlər olacaq. Biz bunu araşdırmalıyıq, öyrənməliyik. Yəni bu məsələlərə ağılla yanaşıb, tədbirlər görməliyik. Həmin məsələni qızışdırıb, böyüdüb ortaya çıxarmaq lazım deyil. Neçə vaxtdır, İsmayıllı hadisəsi ilə bağlı söz-söhbətlər ortada gəzir. Orada baş verən hadisəni başlı-başına buraxmaq olmaz. Biz qanuni dövlət qurmuşuq. Orada bütün xoşagəlməz məsələlərlə yanaşı, həm də cinayət işləri olub. Mən sizi əmin edirəm ki, dövlət, iqtidar bu məsələni tam dəqiqliklə araşdırır, araşdıracaq və siz bunun nəticəsini görəcəksiniz.
Hansısa rayonda etirazın qalxması ilə bağlı məsələlər qızışdırıcı xarakter daşıyır. Hər bir millət vəkili seçildiyi bölgədə bu məsələ ilə bağlı diqqətli olmalı, seçiciləri ilə danışmalı, onlara izah etməlidir ki, rayonlarında kimsə nəsə törətmək istəyirsə, bunun kökü, səbəbi, məqsədi nədir? Hər şeyi gətirib iqtisadiyyatla, icra başçısı ilə bağlamaq düzgün deyil. Bunlar hamısı boş söhbətdir.
Hər yerdə səhvlər, günahlar var. Ancaq bu məsələ Azərbaycanın ümumi siyasətinə kölgə salmalı deyil, əsasən də seçki ilində. Ona görə də mən çox istərdim ki, bu məsələdə diqqətli olasınız.
İclas başlayanda, əvvəldə söz verməli idim. Bir az əsəbiləşdik, bəzi məsələlər də ona görə qaldı. İndi Səməd Seyidov burada yoxdur.  Mən çox istərdim ki, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətimizin sədr müavini Əli Hüseynliyə söz verim. Siz görəcəksiniz ki, Azərbaycana qarşı qərəzlə hazırlanmış məruzəyə bizim nümayəndə heyəti, eləcə də dünyanın bir çox ölkələrinin nümayəndələri, – bəzi şimal dövlətlərindən başqa, – nə qədər düzgün reaksiya verdilər və bu məruzəni necə geri qaytardılar. Yəni sübut edildi ki, həqiqətən də, Azərbaycana qarşı qərəzli mövqe var. Bəzi ölkələr boyunlarına alırlar ki, biz siyası məhbusları buraxmışıq. Həmin ölkələrdə siyasi məhbuslar var. Ancaq onlar haqqında heç bir söz danışılmırdı, bu məsələ yalnız Azərbaycana yönəldilirdi. Bu məsələlər üzə çıxdı.
Mən çox xahiş edirəm ki, Əli Hüseynli səsvermə zamanı baş verən hadisələri qısaca olaraq bizə anlatsın. Bir daha demək istəyirəm ki, bütün bu çıxışlara baxmışam və həqiqətən, bizim nümayəndə heyətimizin hər bir üzvü çox böyük iş gördü. Azərbaycan dövlətinin apardığı siyasətin dəstəklənməsində onların mühüm rolları var, bir daha sizə “sağ olun” deyirəm. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Əslində, mətbuatda, o cümlədən Sizin tərəfinizdən təşkil edilmiş nümayəndə heyətinin mətbuat konfransında bu barədə çox geniş məlumat verilib. Mən istərdim ki, sizlərə Azərbaycanla bağlı hesabatların Avropa Şurası Parlament Assambleyasındakı müzakirəsi zamanı bizim özümüz üçün çıxardığımız nəticələr barədə məlumat verim.
Əlbəttə, biz bir çox təşkilatlarla əməkdaşlıq edirik. Amma Avropa Şurası Parlament Assambleyasının  üzvüyük və onun qarşısında bir sıra öhdəliklərimiz var. Azərbaycan hər zaman bu öhdəliklərə sadiqliyini nümayiş etdirib. Budəfəki sessiyada bizi narahat edən məsələ o idi ki, Azərbaycanın öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı məsələ gündəmdə olduğu halda digər bir qondarma məruzə – Azərbaycanda siyasi məhbuslar problemi ilə bağlı xüsusi bir məsələ də gündəmə gətirilmişdi.
Bu barədə ictimaiyyət məlumatlıdır. Ştrasser adlı bir məruzəçi bu işlə ənənəvi olaraq məşğul olub. Təəssüf ki, qeyri-obyektiv mövqeyində ona Azərbaycandan radikal müxalifət və əslində, onların kölgəsi kimi fəaliyyət göstərən bir sıra qeyri-hökumət təşkilatları da dəstək veriblər. Amma bu bizi narahat etmirdi, çünki Avropa Şurası Parlament Assambleyasında milli parlamentarilər təmsil olunur və biz ümid edirdik ki, digər həmkarlarımız da indiyə qədər Azərbaycanda baş verən proseslər barədə obyektiv məlumatlar çatdıra biləcəklər.
Cənab Sədr, çıxışınızın əvvəlində tamamilə haqlı olaraq söylədiniz ki, bu, ilk növbədə Azərbaycan Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi xarici siyasətin, bütövlükdə dövlətimizin regionda, bölgədə, dünyada, Avropada tutduğu mövqeyin, daha doğrusu, həqiqətin qələbəsi idi. Nümayəndə heyəti isə təbii ki, öz üzərinə düşən vəzifəni yerinə yetirirdi. Yəni biz, sadəcə, Prezidentin, dövlətin, parlamentin, cəmiyyətimizin indiyə qədər qazandığı uğurları orada nümayiş etdirməyə çalışırdıq.
Bizim üçün fərəhləndirci hal ondan ibarətdir ki, həm Qərbi, həm Şərqi Avropadan, həm də MDB ölkələrindən Avropa Şurasında nümayəndə olan deputatlar Azərbaycan reallıqları, yəni Azərbaycanda demokratiya, insan hüquqları, iqtisadi uğurlar və bu kimi məsələlərlə bağlı əldə etdiyimiz nailiyyətlər barədə kifayət qədər məlumatlı idilər. Faktik olaraq ikinci məruzəyə qarşı onların çox ciddi, ətraflı arqumentləri var idi. Yəni demək istəyirəm ki, bu, sadəcə, Azərbaycanla olan dostluq münasibətlərindən irəli gəlmirdi. İnsanlar, millət vəkilləri, Avropa Şurasında təmsil olunan parlamentarilər məsələnin Avropa üçün nə qədər təhlükəli, ikili standartlara uyğun olduğunu görürdülər və bu mövqedən çıxış edirdilər. 
Bizim üçün bundan daha vacibi nə oldu? Bu dövr ərzində məruzəçilər  birinci məruzə ilə, yəni Azərbaycanın öhdəlikləri ilə bağlı dəfələrlə ölkəmizə səfərlər edib, vəziyyəti öyrənmişdilər. Biz özümüz də həmin məruzədəki bir sıra məqamlarla razı deyildik, amma orada Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Dağlıq Qarabağ və ətraf rayonların işğalı ilə bağlı obyektiv məlumatlar öz əksini tapmışdı. Məhz buna görə də bu dövr ərzində həmməruzəçilər Cozef Debono Qrex və Pedro Aqramunt özləri təzyiq altında idilər və açıq müzakirələr zamanı ittiham edilirdilər.
Birinci, erməni nümayəndə heyəti tərəfindən, ikinci, onlara dəstək verən siyasi korrupsiyaya qurşanmış bir sıra lobbiçi deputatlar tərəfindən təzyiqlərə məruz qalırdılar. Məruzəçi Avropa Şurası Parlament Assambleyasında,  əslində, hamıya məlum olan faktı, yəni Ermənistanın hərbi yolla Azərbaycan torpaqlarını – Dağlıq Qarabağı və ətraf rayonları işğal etdiyini və bunun nəticəsində 100 minlərlə qaçqınların olduğunu bir daha söyləyəndən sonra bizim üçün tam aydın oldu. Ermənistan nümayəndə heyəti buradakı havadarlarına, Leyla Yunus kimi hüquq müdafiəçilərinə istinad edirdilər. Həm onlar, həm də daxildə fəaliyyət göstərən radikal müxalifət, onların  kölgəsi kimi fəaliyyət göstərən bir sıra hüquq müdafiəçiləri də orada idilər. Ermənilər, erməni lobbisi və təəssüf ki, Azərbaycan dövlətçiliyi əleyhinə fəaliyyət göstərən qüvvələr hamısı orada bir idi. Çox təəssüf ki, hətta Dağlıq Qarabağ kimi bir məsələ belə həmin insanları bu cür yoldan, yalan məlumatlar verməkdən çəkindirmir.
Hesab edirəm ki, ikinci məruzənin qəbul olunmaması Azərbaycan dövlətinin nə qədər güclü olduğunu göstərdi. Eyni zamanda, bizim üçün də tam aydın oldu ki, dövlətçiliyimiz əleyhinə fəaliyyət göstərən qüvvələr sırasında Azərbaycandan kənarda, əlbəttə, ilk növbədə erməni lobbisidir, amma çox təəssüf, daxildə isə radikal müxalifət, onun dəstək verdiyi bir sıra hüquq müdafiəçiləridir. Əslində, müxtəlif adlarla bir yerə toplanmış  Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov və onların ətrafında olan ictimai palata üzvləri İsa Qəmbərlər, Əli Kərimlilərin məqsədləri eyni bir qüvvə kimi Azərbaycan əleyhinə fəaliyyət göstərməkdir. Bizim üçün bu bir daha tam aydın oldu. Amma indi Azərbaycan dövlətçiliyinin elə vaxtı deyil ki, bu cür təhdidlərlə nəyə isə nail olsunlar.
Bizim üçün çox fərəhləndirici hal idi ki, Azərbaycanın demokratik dövlət quruculuğu ilə bağlı uğurları bütün Avropa ailəsinə məlum idi və  səsvermə nəticəsində kifayət qədər səs çoxluğunun olması, Avropadan olan millət vəkillərinin heç nədən çəkinmədən həqiqətləri söyləmələri bunu bir daha sübut etmiş oldu. Mən hesab edirəm ki, Avropa Şurası Parlament Assambleyasının qərarı sonradan bizim əleyhimizə yönələ biləcək bir sıra qərarların da qarşısını almış oldu.
Doğrudur, qarşılarında öhdəliklərimizin olmadığı bir sıra Avropa qurumları var. Yəqin, sizin də məlumatınız var. Hətta Avropa Parlamentində İsmayıllıda baş verən hadisə ilə bağlı dinləmə keçirmək cəhdləri olub. Bir neçə gün bundan əvvəl  Yunanıstanda polis bütün davranış qaydalarını kobud surətdə pozaraq, qeyri-adekvat münasibət göstərib, gənclərə, tələbələrə, əhaliyə qarşı zorakılıq tətbiq edib. Necə ola bilər ki, bu məsələlər heç müzakirə olunmur, amma Azərbaycanda bir bölgədə baş verən hadisəni bu qədər şişirtmək istəyirlər? Əlbəttə, bütün bunlar Sizin də söylədiyiniz kimi, Azərbaycan dövlətçiliyinə qarşı olan təhdidlərdir. Amma hamı bilməlidir ki,  xalqımızın, – burada hörmətli Bahar xanım çox dəqiq vurğuladı, –  vahid bir toplum olaraq Azərbaycan vətəndaşlarının dövlətçiliyə, Azərbaycan dövlətinə sadiqliyi elə bir səviyyədədir ki, bu cür təhdidlərlə heç nəyə nail ola bilməzlər. Əlimizdə Avropa Şurası Parlament Assambleyası kimi təşkilatın  qərarı var. Nə zaman belə məsələləri təkrar qaldırmağa cəhd edərlərsə, bu, təşkilatın özünə hörmətsizlik gətirər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ən maraqlısı da odur ki, cənab Ştrasserin məruzəsi Hüquq məsələləri və insan hüquqları Komitəsinə verilmişdi. Elədirmi?!
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Həmin komitənin rəhbəri də onun məruzəsinin əleyhinə çıxış etdi. Yəni bu insanlar həqiqəti gördülər, başa düşdülər. Bir də aydın oldu ki, Avropada toxunulmazlıq statusu olan ölkələr var, həmin ölkələrin əleyhinə  heç nə demək olmaz, başqalarına qarşı isə demək olar. Bu da həmin  ikili standartın bir formasıdır. Əli müəllim, çox sağ olun.
Hörmətli millət vəkilləri, xahiş edirəm, gündəliyin üçüncü məsələsinə, Milli Məclisin yaz sessiyasının qanunvericilik işləri planına münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.04 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Siyavuş Novruzov bir təklif vermişdi, ancaq hesab edirəm ki, bu, yaz sessiyasının birinci iclasıdır, məsələ də çoxdur, fasilə elan edək, sonra iclasa davam edərik.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Gündəliyin 4-cü məsələsi “Azərbaycan Respublikası Hökuməti və Uruqvay Şərq Respublikası Hökuməti arasında diplomatik, xidməti və ya rəsmi pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı olaraq aradan qaldırılması haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Sevinc Fətəliyeva.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq bir neçə dəfə bu növ qanun layihələri Milli Məclisdə müzakirə edilib. Bir sıra Avropa, Asiya, Cənubi Amerika ölkələri ilə diplomatik, xidməti və rəsmi pasportlar üçün viza tələbləri aradan qaldırılıb.
Təqdim edilən qanun layihəsi Azərbaycanın növbəti ölkə ilə münasibətlərinin möhkəmləndirilməsinin göstəricisidir. Bu yaxında Uruqvay Şərq Respublikasının Prezidentinin xüsusi nümayəndəsi Azərbaycana səfər edib və hər iki dövlət ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Uruqvay Şərq Respublikası Latın Amerikasının ən inkişaf etmiş ölkələrindən biridir. Hər iki dövlətin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Təqdim olunan saziş qarşılıqlı səfərlərin intensivləşdirilməsinə, həm iqtisadi, həm siyasi, həm də mədəni sahədə ikitərəfli münasibətlərin inkişafına şərait yaradacaq. Bunları nəzərə alaraq həmkarlarımı qanun layihəsinə səs verməyə çağırıram.   
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 16.10 dəq.)
Lehinə  93
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qanun qəbul edildi, çox sağ olun.
Deyəsən, bəzi millət vəkillərinin hələ məzuniyyətin qurtarmasından xəbərləri yoxdur, ya da naharları güclü olub.
Gündəliyin 5-ci məsələsi “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulmaq barədə Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, bildiyiniz kimi, Azərbaycan korrupsiyaya qarşı mübarizə ilə bağlı BMT-nin, Avropa Şurasının  bir çox konvensiyalarına qoşulmuşdur. Biz konvensiyalara qoşulmaqla yanaşı, həm də bu konvensiyalardan irəli gələn müddəaları da milli qanunvericiliyimizə tətbiq etmişik.
Ölkəmizdə korrupsiyaya qarşı mübarizə ilə bağlı açıq ifadə olunmuş iradə mövcuddur, bir sıra tədbirlər görülür. Eyni zamanda, korrupsiyaya qarşı mübarizə və şəffaflığın artırılması ilə bağlı dövlət proqramlarında da hər zaman beynəlxalq əməkdaşlıq məsələsi öndə olur və biz bu məsələni daim izləyirik. Cənab Prezident tərəfindən təklif edilmiş layihə də “Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna  qoşulmağı nəzərdə tutur. Protokolun əsas mahiyyəti milli qanunvericilikdə nəzərdə tutulan arbitr şəxslərin də korrupsiya cinayətinin subyekti kimi təfsir edilməsi tövsiyə olunur. Hesab edirəm ki, biz də Avropa Şurasına üzv olan digər ölkələr kimi bu protokolu ratifikasiya etməliyik.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, həmin protokola əlavə bir bəyanat da verilmişdir. Biz həmişə olduğu kimi, beynəlxalq sazişlərə, konvensiyalara qoşularkən həmin beynəlxalq sənədlərin Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazisində, yəni Dağlıq Qarabağda və digər regionlarda icrasına təminat vermək iqtidarında olmadığımızı vurğulayırıq. Hər zaman bildiririk ki, bu daha çox  siyasi əhəmiyyət daşıyır. Bu konvensiyalar imzalanarkən bir daha vurğulayırıq ki, həmin ərazilər işğal edildiyinə görə, Azərbaycan dövləti konvensiya və yaxud qoşulduğumuz sənədi həmin ərazidə tətbiq etmək iqtidarında deyil. Bu Protokolda ənənəvi olaraq belə bir bəyanat da verilir. Bütövlükdə hesab edirəm ki,  korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən  siyasətin tərkib hissəsi kimi bu protokola qoşulmaq məqsədəmüvafiqdir. Təbii ki, bundan sonra ehtiyac olarsa, bu məsələləri milli qanunvericilikdə də  həll edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Buyurun, Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən həm Sizi, həm də həmkarlarımı yaz sessiyasının başlanması münasibətilə təbrik etmək istəyirəm.
Oqtay müəllim, mən də bu sənədə səs verəcəyəm. Amma məni çoxdan düşündürən bir məsələ var, bu da sxematik xəritə ilə bağlıdır. Orada “Results of Armenian Aggression” və eyni zamanda, “The occupied territories of the Republic of Azerbaijan”, aşağıda isə kiçik hərflərlə “former Naqorno Karabakh” yazılır. “Former”, yəni keçmiş “Naqorno Karabakh”, əslində, biz “Dağlıq Qarabağ” deyirik və “Naqorno Karabakh” sözləri rus dilindən ingilis dilinə transkripsiya olunub. Bu, rəsmi sənəd olduğuna görə mən hesab edirəm ki, elə ingilis dilində “up-to-date Karabakh” deyilsin. Bu məsələlər uzun illərdir, bütün sənədlərdə belə verilir.
Burada işğal olunmuş rayonların əraziləri aydın qeyd edilib, əhalisinin sayı 1989-cu ilin siyahısına görə verilib. O vaxt deyirdik ki, 1 milyona yaxın məcburi köçkün var, amma bu gün artıq əhali artımını nəzərə alsaq,  həmin məcburi köçkünlərin sayı 1,3 milyondan çoxdur.  Yaxşı olardı ki, bu sənəddə  işğal olunmuş rayonlardan olan əhalinin bugünkü sayı öz əksini tapsın, yəni rəqəmlər düzgün göstərilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Oqtay müəllim, mən də yaz sessiyasının başlanması münasibətilə Sizi və həmkarlarımı təbrik edirəm. Bu qanun layihəsi ilə əlaqədar qeyd etmək istəyirəm ki, son illər Azərbaycanda korrupsiya və rüşvətxorluğa qarşı geniş və ardıcıl mübarizə aparılır. Bunun nəticəsi isə Azərbaycanın iqtisadi potensialının qorunması və inkişafı üçün əlverişli şəraitin təmin edilməsi baxımından mövcud nöqsanların və neqativ meyillərin aradan qaldırılmasıdır. Xüsusilə qeyd edim ki, cənab Prezident İlham Əliyev ölkə həyatının bütün sahələrində şəffaflığın təmin edilməsini başlıca vəzifə kimi qarşıya qoyub. Dövlət başçısı neqativ halların qarşısının alınmasında birbaşa öz güclü dəstəyini nümayiş etdirməklə bütün aidiyyəti orqanları mübarizə tədbirlərini səfərbər etməyə çağırıb.
Lakin bəzi məqamlar var ki, onlar Azərbaycan dövlətinin qarşısına qoyduğu məqsədlərə çatmaq üçün böyük maneə rolunu oynayırlar. Onlardan  aşağıdakıları qeyd etmək istəyirəm.
Birinci məqam Azərbaycan torpaqlarının hələ də Ermənistanın işğalı altında qalmasıdır. Bu təcavüz aktı Azərbaycanın iqtisadiyyatına milyonlarla manat ziyan vurmaqla yanaşı, ölkəmizin təhlükəsizliyinə də təhdid yaradır. Həmçinin Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bu zonaların yaranmasını şərtləndirir və həmin əraziyə Azərbaycan nəzarət edə bilmir. Narkotiklər, silahlar, müxtəlif qaçaqmalçılıq tranziti sərbəst şəkildə həyata keçirilir və heç kəs də Ermənistana bir söz demir. Əslində, Cənubi Qafqazda bu cür qeyri-leqal trafiklərin qarşısının alınmamasının səbəbi də Ermənistanın təcavüzüdür.
“Korrupsiya ilə əlaqədar cinayət məsuliyyəti haqqında” Konvensiyanın Əlavə Protokoluna qoşulan Azərbaycan Respublikası məhz Ermənistanın işğalçılıq siyasəti ucbatından bu sənəddən irəli gələn vəzifələrini bütün ölkə ərazisində reallaşdıra bilmir. Ona görə də dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar, Azərbaycana qarşı olan ikili standartları yaddan çıxarmalı, dünyadakı korrupsiya, cinayət, narkotik, silah, qaçaqmalçılıq məkanları olan bu zonaların ləğvi haqqında düşünməlidirlər.
İkinci məqam isə son günlər Azərbaycana qarşı edilən əsassız hücumlarla bağlıdır. Təəssüfdoğurucu hal ondan ibarətdir ki, bəzi Qərb ölkələri daxildəki problemləri ört-basdır etmək üçün ictimai rəyi fərqli istiqamətə yönəldir, Azərbaycan haqqında yanlış məlumatlar əsasında saxta hesabatlar hazırlayır, ölkəmizə təzyiq etmək üçün subyektiv iddialardan istifadə edirlər. Amma  həmin dövlətlər törətdikləri hərbi cinayətlərə, iqtisadi imperializm metodları ilə müxtəlif xalqların sərvətlərini mənimsəmələrinə, qara kassalar vasitəsilə qeyri-leqal fəaliyyətlərinə dönüb baxsınlar və hansı izləri qoyduqlarını aydın şəkildə sezsinlər.
Bir daha demək istəyirəm ki, Azərbaycan demokratik, qanunun aliliyinin təmin edildiyi müasir hüquqi dövlətdir və burada xalq – iqtidar birliyi çox möhkəmdir. Antiazərbaycan dairələrin fraqmentar ictimai rəy formalaşdırmağa hesablanmış cəhdləri heç bir zaman dövlətçiliyimizə,  xalq – iqtidar birliyinə zərbə vura bilməyəcəkdi. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.18 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr.  İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik 2011-ci ildə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun qəbulu ilə bağlıdır.  Bu qanunun 24-cü maddəsində mədəni bitkilərin və onların  yabanı əcdadlarının genetik ehtiyatlarının sahiblərinin üzərinə mülkiyyətlərində olan bitkilərə görə məsuliyyət daşımaq vəzifəsi qoyulmuşdur.
Həmin qanunun 25-ci maddəsinə əsasən isə mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında qanunvericiliyin pozulmasında  təqsirkar olan şəxslər qanunla nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik də həmin məsuliyyəti – cərimə sanksiyalarını nəzərdə tutur. Qeyd etmək istəyirəm ki, bu cərimə sanksiyaları son dövrlərdə İnzibati Xətalar Məcəlləsində xətaya müvafiq olaraq sanksiyaların artırılması həddinə, yəni İnzibati Xətalar Məcəlləsində həyata keçirdiyimiz sanksiyaların artırılması siyasətinə uyğundur. Hesab edirəm ki,  məcəlləyə təklif olunan dəyişiklik qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar müəllim, əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Muxtar Babayev.
M.Babayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, qanuna təklif edilən dəyişiklikdə, xüsusən də 120.1.1.1-ci bənddə nəzərdə tutulmuş cərimələr çox aşağıdır. Çünki pozuntular ağır nəticələrə səbəb ola bilər. Ona görə də bunları 120.1.2-ci bənddə nəzərdə tutulmuş cərimələrə uyğunlaşdırmaq daha məqsədəuyğun olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.22 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Eldar İbrahimov.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun “Ekoloji təmiz kənd təsərrüfatının ümumi prinsipləri” adlanan 4-cü maddəsinə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun  qüvvəyə minməsi ilə əlaqədar “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi” adlı 4.0.1-1-ci maddənin əlavə edilməsi təklif olunur.
Bu onunla əlaqədardır ki, Azərbaycan Respublikasına məxsus mədəni bitki brendləri kənd təsərrüfatı, dərman və bəzək bitki formaları üzrə müəyyən edilir, Azərbaycan xalqının milli sərvəti hesab olunur və qanunla qorunur.  Hamıya məlumdur ki, bu gün Azərbaycanda xalq seleksiyasının yaratdığı qiymətli bitki nümunələri və alimlərin müasir seleksiya sortları xaricdən gətirilən rayonlaşmamış müxtəlif sortlar və hibridlər tərəfindən sıxışdırılaraq sıradan çıxarılır. Onlardan buğdanın Qaraqılçıq, Sarı buğda, arpanın Dağ arpası, Ağ arpa, Qara arpa, qarğıdalının Zaqatala, Xocalı, Tovuz, çəltiyin Ənbəri, Sədri növlərini, Sabirabad qarpızını, Ağ Quba almasını, Abşeron şanılarını, habelə onlarla qiymətli brend bitkiləri misal çəkmək olar.
Hazırda Azərbaycanda Bitki Genetik Ehtiyatları üzrə Mərkəzi Məlumat bazasında qeydiyyata alınmış 2200-dən çox yerli ənənəvi bitki sortlarının böyük bir qismi tamamilə itmiş, qalan hissəsi isə kənd təsərrüfatı elmi tədqiqat institutlarında əlverişsiz şəraitdə saxlanılır. Eyni zamanda, sırf Azərbaycan xalqına məxsus bəzi bitki sortları üzdəniraq qonşularımız tərəfindən özününküləşdirilir.
Odur ki, bu əlavə ilə “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununda Azərbaycan xalqına məxsus bitki sortlarının qorunması məsələsi daha da ciddiləşdirilir. Bu məsələ komissiyada müzakirə edilib. Ona görə hörmətli həmkarlarımdan xahiş edirəm ki,  qanun layihəsinə səs versinlər. Çox sağ olun.     
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm. Mən də yaz sessiyasının başlaması münasibətilə hamını təbrik edirəm və uğurlar arzulayıram. İmkandan istifadə edərək bildirmək istəyirəm, çox ümid edirəm ki, bu sessiya zamanı sosial hüquqlara daha çox fikir veriləcək və həmin sahədə işlərimiz səmərəli olacaq.
Bu qanun layihəsi ilə bağlı bir-iki təklifim var.
Birinci, yaxşı olardı ki, qanunun adı “Ekoloji təmiz kənd təsərrüfatı” deyil, “Kənd təsərrüfatı fəaliyyəti” şəklində yazılardı. Çünki bu sahədə kənd təsərrüfatı fəaliyyətinə əsas məqsəd və amil kimi baxılmalıdır.
4-cü maddənin 4.0.1-ci bəndinə “istehlakçıların həyatını, sağlamlığını, təbii ehtiyatların” sözlərindən sonra “biomüxtəliflik” sözünün əlavə olunmasını təklif edirəm.
Təklif olunan 4.0.1-1-ci bənddə yazılır: “Azərbaycan Respublikasına məxsus ənənəvi mədəni brend bitkilərin mühafizəsi”. Mən burada “brend” sözünün yerinə “endemik bitkilərin mühafizəsi” sözlərinin yazılmasını xahiş edirəm. “Endemik” yalnız həmin əraziyə məxsus, orada yaşayıb çoxalan bitki və heyvan növlərinə aid elmi termindir. Yəni “brend” yazmaq  bir az düz deyil, oxuyanda da adam təəccüb edir ki, bu “brend” sözü necə gəlib oraya düşüb? “Endemik” yazılsa, daha yaxşı olar. Rusdilli də olsam, bunu tutdum.
Təklif edirəm ki, 4.0.8-ci bənd “ekoloji təmiz kənd təsərrüfatı sahəsində sahibkarlıq fəaliyyətinin stimullaşdırılmış könüllülük prinsipləri əsasında həyata keçirilməsi və genişləndirilməsi” kimi yazılsın. Yəni buraya “stimullaşdırılmış” sözü əlavə edilsə, yaxşı olar. Digər qanun layihələrinə də  əlavələrim var, müzakirə olunduqca bunları səsləndirərəm. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aytən xanım, amma bir məsələ də var. “Endemik” deyəndə belə çıxır ki, Bakıdan başqa yerdə qarpız yetişdirmək olmaz? Qarpız Azərbaycanda da var, başqa yerdə də. “Brend” ona görə deyirlər ki, şanı üzümü, Sabirabad qarpızı Azərbaycanda var. Səhv etmirəmsə, bu mənada “brend” yazılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İndi Eldar müəllim buna baxar. Xahiş edirəm, qanun layihəsinə  münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.28 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 8-ci məsələ “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyurun, Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu qanun da “Ekoloji təmiz kənd təsərrüfatı haqqında” Qanunun mabədidir. Mən əvvəlcədən hörmətli həmkarım Əli Hüseynliyə minnətdarlığımı bildirirəm. İnzibati Xətalar Məcəlləsində hər iki qanunla əlaqədar cərimələrin artırılması  tamamilə məqsədəuyğun və düzgündür.
“Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası Qanununun “Patent üçün ərizə verilməsi hüququ” adlanan 6-cı maddəsinin 10-cu hissəsinə “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədar aşağıdakı müddəaların əlavə edilməsi təklif olunur: “seleksiya nailiyyəti nümunəsinin Azərbaycan Respublikasının Milli Genbankında saxlanmağa qəbulu haqqında arayış; genetik pasport”. 
Patent sahibi və ya seleksiya nailiyyətinin müəllifi həmin nailiyyətə patent almaq üçün müvafiq icra hakimiyyəti orqanına müxtəlif sənədlər təqdim etməlidir. Təklif edilən əlavələr də bununla bağlıdır. Bu sənədlərin siyahısı 6-cı maddədə verilir. Siyahıya “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanununda nəzərdə tutulmuş yuxarıda sadalanan məsələlər də daxil edilir. Milli Genbankda ümummilli dəyərə malik mədəni bitkilərin genetik ehtiyatları, kolleksiyaları, genetik eroziya və nəsli kəsilmək təhlükəsində olan növlər, növ müxtəliflikləri, formalar, xalq və elmi seleksiya sortları və digər qiymətli genetik ehtiyatlar toplanır, orta və uzunmüddətli saxlama şəraitində etibarlı mühafizə edilir, bərpa olunur, çoxaldılır, elmi və digər məqsədlər üçün sənədləşdirilir, yayılır, məlumat bazası yaradılır. 
Genetik pasport isə bitki sortlarının identifikasiyası üçün lazım olan rəsmi sənəddir.
Odur ki, “Seleksiya nailiyyətləri haqqında” Azərbaycan Respublikası Qanunu sonradan qəbul edilmiş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunla uzlaşdırılır və seleksiya nailiyyətlərinin mühafizəsi nöqteyi-nəzərindən daha da gücləndirilir. Ona görə də  hörmətli həmkarlarımdan xahiş edirəm, bu qanun layihəsinə də səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, dəyişikliyə münasibət bildirək. 

Səsvermənin nəticələri  (saat 16.31 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 9-cu məsələ “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, hörmətli Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Bu qanunlara da həmin silsilədən olan əlavələr və dəyişikliklər təklif edilir. İcazə versəniz, həm 9-cu, həm də 10-cu məsələni təqdim edərdim, sonra ayrı-ayrı səs verərdik.
2011-ci ildən qüvvəyə minmiş “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Qanunun tələblərinə uyğun olaraq əlaqəli qanunvericilik aktlarında müvafiq əlavələrə və dəyişikliklərə ehtiyac yaranmışdır.  Müvafiq qanunvericilik aktlarını yuxarıda adı çəkilən qanuna uyğunlaşdırmaq üçün təklif edilir ki, “Ekoloji təhlükəsizlik haqqında” Azərbaycan Respublikası Qanununun “Ekoloji təhlükəsizliyin təmin edilməsi məqsədi ilə təsərrüfat və digər fəaliyyətə dair məhdudiyyətlər” adlanan 9-cu maddəsinin 2-ci hissəsinə aşağıdakı məzmunda 2.7-1-ci bənd əlavə edilsin. Əlavə bundan ibarətdir: “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarının Azərbaycan Respublikasının ərazisinə gətirilməsinə, həmin ərazidə yayılmasına və istifadəsinə... Burada məhdudiyyətdən söhbət gedir. 
Məsələnin davamı olaraq  “Ətraf mühitin mühafizəsi haqqında” Qanunun “Ətraf mühitin mühafizəsi sahəsində dövlətin hüquqları və vəzifələri” adlanan 4-cü maddəsinin ikinci hissəsinə aşağıdakı məzmunda 2.3-1-ci bəndin əlavə edilməsi təklif olunur: “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, genetik modifikasiya olunmuş bitkilərin, eləcə də müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarının idxalına və dövriyyəsinə dövlət nəzarətini həyata keçirmək...” Təşəkkür edirəm. Əminəm ki, bu əlavəni dəstəkləyib ona səs verəcəksiniz.
Sədrlik edən. Buyursun Aytən Mustafayeva. 
A.Mustafayeva. Təşəkkür edirəm.  Məni tanımayanlar elə bilərlər ki,  kənd təsərrüfatı ilə məşğulam. Əvvəla, qeyd edim ki, bu qanunları hazırladıqları üçün həmkarlarıma və onlara dəstək verən rəhbərliyə təşəkkürümü bildirmək istəyirəm. Çünki bu, doğrudan da, Azərbaycan, onun genofondu, ətraf mühiti, ekologiyası üçün çox vacib məsələdir. Burada müzakirə edilən iki qanunla bağlı bir-iki təklifim olacaq.
“Ekoloji təhlükəsizlik haqqında” Qanunun 2.7-1-ci bəndinə  “genetik modifikasiya olunmuş bitkilər və onların məhsulları” sözlərinin əlavə olunmasını təklif edirəm. Mənə elə gəlir ki, genetik bitkilərdən hazırlanmış məhsulların da buraya gətirilməsi dövlət tərəfindən nəzarətdə saxlanılmalıdır. Təəssüflər olsun ki, Azərbaycan bazarını bitkilərlə yanaşı, genetik modifikasiya olunmuş, qeydsiz, məlumatsız çoxsaylı məhsullar da zəbt edib.
“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 4-cü maddəsinin 2.3-cü bəndinə “ətraf mühitin, biomüxtəlifliyin mühafizəsinə...”,  2.4-cü bəndinə isə “heyvanlar və bitki aləmində nadir və nəsli kəsilmək təhlükəsinə məruz qalmış” sözlərinin əlavə olunmasını təklif edirəm. Təəssüflər olsun ki,  həm heyvanlar, həm də bitkilərlə bağlı belə hallara çox rast gəlinir.
Genetik modifikasiya olunmuş bitkilər haqqında danışanda istər-istəməz iki məsələ yadıma düşür. Birinci, Gədəbəy kartofu, ikinci, Zirə pomidoru. Hörmətli Prezidentimiz də keçən il Buzovnaya getmişdi, baxanda –  Prezidentimiz, maşallah, ucaboylu insandır, orada fermerlərin ondan da hündür olan pomidor bitkisi var idi. Bu, anormal bir şeydir. Təəssüflər olsun ki, bu bizim genofondumuz üçün təhlükədir və belə bitkilərin, məhsulların qarşısını almalıyıq. Ona görə də nəsli kəsilmək təhlükəsinə məruz qalmış bitki və heyvan növlərini bu qanuna salmağı təklif edirəm. Bu qədər. Təşəkkür edirəm.
Sədrlik edən. Valeh müəllim, nə isə əlavə etmək istəyirsiniz?
V.Ələsgərov. Bu gün müzakirə etdiyimiz qanun deyil, qanuna edilən əlavə və dəyişiklikdir. Sizin qaldırdığınız məsələlərin əksəriyyəti qanunun mətnində öz əksini tapıbdır. Ancaq yenə də dəqiqləşdirmək, rahat olmaq üçün təkliflərinizi yazılı şəkildə bizə verin, araşdırıb Sizə cavab verərik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bunu da nəzərə alın ki, artıq Azərbaycanda istixanaların tikilməsi, eləcə də bitkilərin yetişdirilməsi üçün mərkəzlər açılır. Artıq bu məsələlər xaricdə yox, Azərbaycanın özündə həllini tapacaq. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.39 dəq.)
Lehinə  99
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 10-cu məsələ “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyurun, Valeh Ələsgərov. Üzr istəyirəm, Eldar müəllimə söz verməmişdim. Əlavəniz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  10-cu məsələyə də münasibət bildirək.  

Səsvermənin nəticələri  (saat 16.40 dəq.)
Lehinə  81
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  81
Nəticə: Qəbul edildi

Xahiş edirəm, səsvermədə diqqətli olun. Yenidən səsvermə keçiririk.

Səsvermənin nəticələri  (saat 16.40 dəq.)
Lehinə  103
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr.  “Mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına xüsusi icazə əsasında yol verilən (mülki dövriyyəsi məhdudlaşdırılmış) əşyaların siyahısı haqqında” Qanuna təklif olunan dəyişiklik ilk növbədə 2011-ci il 13 dekabr tarixində qəbul olunmuş  “Mədəni bitkilərin genetik ehtiyatlarının mühafizəsi və səmərəli istifadəsi haqqında” Azərbaycan Respublikası Qanununun tələblərindən irəli gəlir. Həmin qanunun qüvvəyə minməsi ilə bağlı bu gün iki qanuna əlavə və dəyişiklik edirik. Bu, qanunvericiliyin dəqiqləşdirilməsinə xidmət edən bir dəyişiklikdir. Ona görə millət vəkillərindən səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.42 dəq.)
Lehinə  104
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ “Patent haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Buyurun, Ziyad Səmədzadə. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanunun 27-ci maddəsinə edilən dəyişiklik qanunun “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması məqsədini daşıyır. Təklif olunur ki, “müəyyənləşdirilmiş rüsumu ödəmək şərti ilə” sözləri “müəyyən edilmiş haqqı ödəmək şərti ilə” sözləri ilə əvəz edilsin. Millət vəkillərindən bu sənədə səs vermələrini xahiş edərdim.
Sədrlik edən.  Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.44 dəq.)
Lehinə  100
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclas sona çatdı, hamınıza təşəkkür edirəm. Gələn iclas haqqında məlumat veriləcək. Sağ olun. 
 

 

EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ

1 fevral 2013-cü il.
———

Leyla Abdullayeva.  Hörmətli Sədr, hörmətli həmkarlar! Sizi 2013-cü il yaz sessiyasının başlaması münasibətilə təbrik edir və uğurlar arzulayıram.
Parlamentin son iclasından keçən müddət ərzində ölkəmizin həyatında bir sıra hadisələr olmuşdur ki, bunlara münasibətimi bildirmək istəyirəm.
Bildiyiniz kimi, bu yaxınlarda Avropa Şurasının Parlament Assambleyasının qış sessiyası baş tutmuşdur. Sessiya zamanı Azərbaycan üzrə  məruzəçi Ştrasserin hazırladığı siyasi məhbuslarla bağlı qətnamə layihəsi də səsverməyə qoyulmuşdur. Özlüyündə qeyri-obyektiv, qərəzli xarakter daşıyan bu qətnamə layihəsi hansısa maraqlı şəxs və qüvvələrin verdiyi məlumatlara əsaslanmaqda idi. Azərbaycan dövlətinin uğurlarını, müharibə vəziyyətində olmasına baxmayaraq, dinamik inkişafını  gözü götürməyən qüvvələr tərəfindən hazırlanan bu layihə Azərbaycandakı mövcud reallıqları təhrif edərək ölkəmizi ləkələmək  məqsədi daşıyırdı. Regionun lider dövlətinə çevrilmiş ölkəmizin düşmənləri az deyil və onlar hər bir fürsətdən yararlanmağa çalışırlar. Cənab Prezidentin çıxışlarından birində qeyd etdiyi kimi, bu qüvvələrin başında güclü erməni lobbisi və islamafob qruplar durmaqdadır. Onlar insan haqları kimi müqəddəs dəyərlərdən  bir təzyiq və təsir aləti kimi istifadə etməyə çalışırlar.
Lakin bütün bunlara baxmayaraq, səsvermənin yekununda ədalət öz yerini tapdı və adı çəkilən qətnamə rədd edildi. Azərbaycanla təzyiq dilində danışmağa çalışan qüvvələr öz layiqli cavablarını aldılar. Bu hadisə cənab Prezident başda olmaqla ümumilikdə Azərbaycan diplomatiyasının, onun dostluq və obyektivlik prinsiplərinə söykənən xarici siyasətinin uğuru kimi qəbul edilməlidir. Azərbaycan nümayəndə heyətinin, həmkarlarımızın fəaliyyəti də xüsusi qeyd edilməlidir. Onlara öz adımdan təşəkkürümü bildirir və Azərbaycanın milli maraqlarının qorunmasında bundan sonra da uğurlar arzu edirəm.
Digər münasibət bildirmək  istədiyim hadisə İsmayıllı rayonunda baş verən insidentdir. Məlumdur ki, həyat davam etdikcə müxtəlif hüquqpozmalar, müxtəlif zəmində konfliktlərin baş verməsi qaçılmazdır. Nə qədər xoşagəlməz olsa da, bu, belədir. Baş verən insident də adi xuliqanlıq hadisəsi nəticəsində böyümüş məişət xarakterli hadisədir. Hadisənin istintaqı aparılır və əminəm ki, günahkarlar cəzalandırılacaqlar. Təəssüf doğuran hal ondan ibarətdir ki, bir qrup şəxs istintaq başa çatmamış bu məsələnin baş verdiyi andan başqa məcrada göstərməyə çalışır. Müxalifətyönlü mətbuat, qəzet və saytlar, eyni zamanda, sosial şəbəkələrdən  istifadə edən şəxslər bu hadisəyə siyasi rəng verməyə çalışırlar. Görünür, Strasburqda arzuladıqları nəticəni ala bilməyərək acıqlarını məişət hadisəsini siyasiləşdirməklə almaq istəyirlər.
Təhsil işçisi kimi gündəlik işimdə yeniyetmə və gənclərlə ünsiyyətdə oluram. İstənilən pedaqoq kimi mən də onların hələ tam formalaşmamış psixologiyalarına bələd olaraq, onların təsir altına tez düşmələrini, müxtəlif xoşagəlməz meyillərə aludəçiliklərini  anlayıram. Görünür, məhz bu səbəbdən son vaxtlar destruktiv qüvvələr, ölkəmizdə tam azad olan İnternet texnologiyalardan, sosial şəbəkələrdən yararlanaraq gənclərimizi təsir altına almaq və onlardan vasitə kimi istifadə etmək istəyirlər. Bu gün Azərbaycanın sağlam gəncliyi dövlətçiliyi birmənalı dəstəkləsə də, bəzən qeyd etdiyim səbəblərdən təsir altına düşən azsaylı gənclərimiz də olur.
Azərbaycanın qanlı-qadalı illərini, müstəqillik dövrünün ilk vaxtlarını, 1990-cı illərin əvvəllərinin xaos və anarxiyasını görməyən, 20 Yanvar və Qarabağ müharibəsinə şahidlik etməyən, o dövrün dəhşətlərini yaşamayan bir nəsil yetişmişdir. Qeyd etdiyim dövrdə siyasi alverlə, vəzifə çəkişmələri ilə məşğul olan siyasətbazlar indi məhz bu dövrün canlı şahidi olmamış bəzi yeniyetmələrimizi səhv yola yönəltməyə çalışırlar. Aydındır ki, həmin dövrdə yaşayanlardan heç kim onlara qoşulmayacaq və buna görə də gəncləri hədəfə alırlar.
Bunları nəzərə alaraq hesab edirəm ki, təhsil işçilərinin, ziyalıların, ağsaqqalların, hamımızın üzərinə həmin gəncləri maarifləndirmək kimi vəzifə düşür.
Mən əminliklə bildirmək istəyirəm ki, ölkəmizin istənilən regionunda gənclər ölkədə gedən iqtisadi inkişafı, tərəqqini dəstəkləyirlər. Müxtəlif yollarla ölkədəki vətəndaş–dövlət birliyinə kölgə salmaq istəyən şəxslər və qruplar həmişəki kimi yenə də məğlub olacaqlar.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi