2013-ci il 14 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 65

Milli Məclisin iclas salonu.
14 may 2013-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 102
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Aydın Süleymanlı, Azərbaycan Respublikası Nəqliyyat Nazirliyi Hüquq şöbəsinin müdiri.
Hicran Valehov, Azərbaycan Respublikası  Nəqliyyat Nazirliyi “Azəryolservis” Açıq Səhmdar Cəmiyyəti sədrinin müavini.

***

Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Namiq Xəlilov, Azərbaycan Respublikası Maliyyə Nazirliyi Dövlət Sığorta Nəzarəti Xidmətinin rəisi.

***

Namiq Əsgərov, Azərbaycan Respublikası Baş prokurorunun müavini.
Natiq Hüseynov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və İnformasiya İdarəsinin rəisi.

***

Niyazi Səfərov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Anar Əliyev, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyi Hüquq şöbəsinin rəisi.

***

Pərviz Musayev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti rəisinin müavini.
Siyasət Alıyev, Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidməti Təşkilat və Nəzarət Baş İdarəsinin rəisi əvəzi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş”ə düzəlişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Fazil Mustafa, Fərəc Quliyev, Musa Quliyev, Qüdrət Həsənquliyev, Elman Məmmədov, İqbal Ağazadə, Sədaqət Vəliyeva, Sabir Rüstəmxanlı, İsa Həbibbəyli, Rəbiyyət Aslanova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında Saziş”ə düzəlişlərin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Əli Məsimli, Elton Məmmədov, Fərəc Quliyev, Valeh Ələsgərov, Astan Şahverdiyev, Gülçöhrə Məmmədova, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

3. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Fərəc Quliyev, Mübariz Qurbanlı, Sədaqət Vəliyeva, Zahid Oruc,  Azər Bayramov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli, Zahid Oruc, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, İlham Məmmədov, Sahib Alıyev, Çingiz Qənizadə, Fuad Muradov, İlyas İsmayılov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.11 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 15.12 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Azər Badamov, Musa Quliyev, Tahir Rzayev, Aydın Abbasov, Valeh Ələsgərov, Arif Əşrəfov, Rüfət Quliyev, Zahid Oruc, Rauf Əliyev, Eldar Quliyev, Cavanşir Feyziyev, Ziyafət Əsgərov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.03 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikası Miqrasiya Məcəlləsinin layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Leyla Abdullayeva, İsa Həbibbəyli

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN İCLASI

14 may  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  102
Yetərsay       83

Yetərsay var, çox sağ olun.
İclasımıza başlaya bilərik. Gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.02 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  101
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Müzakirəyə ehtiyac varmı? Buyurun, yazılın. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim toxunmaq istədiyim birinci məsələ Şəhidlər Xiyabanı ilə əlaqədardır. Bura artıq müqəddəsləşmiş bir məkana çevrilib. Həm Azərbaycan insanları, həm də dövlət tərəfindən görülən tədbirlər bütövlükdə bu ünvanın Azərbaycanın azadlıq uğrunda mübarizəsinin mühüm bir simvoluna döndüyünü ortaya qoyubdur. Lakin çox istərdim ki, bir məqama diqqətinizi cəlb eləyim.
Cənab Sədr, Azərbaycana xarici qonaqlar təşrif buyurarkən protokolun ən mühüm hissələrindən birini  Şəhidlər Xiyabanına ziyarət təşkil edir. Amma bildiyiniz kimi, o xiyaban, əsasən, yuxarı hissədən ziyarət olunur. Belə demək mümkündürsə, elə orada da başa çatır. O hissədə isə, əsasən, 20 yanvar faciəsinin qurbanları uyuyurlar. Mən düşünürəm ki, əslində, bu, protokolun bir natamamlıq nöqtəsi kimi sayılmalıdır. Bu daha geniş bir yeri əhatə eləməlidir, çünki az qala 3 dövrün şəhidləri orada uyuyurlar. Mən elə hesab edirəm ki, bunu tamlaşdırmaq üçün indiki çağırışda bu məsələyə baxmaq çox yerində olardı.
Elə zənn edirəm ki, mənim qaldırdığım məsələ həm də ingilis və sair dillərdə yazılan müəyyən bir lövhənin ora vurulmasına təsir göstərsin. Çünki ünlü məkan kimi orada əbədi məşəlin olması hər kəsə bəllidir. Hətta belə demək mümkünsə, rəsmi qonaq olmayan insanlar üçündür. Amma düşünürəm ki, sadə vətəndaşların ziyarəti zamanı onun oradan asılması bütövlükdə bizim bu məsələyə münasibətimizi ifadə edər.
Cənab Sədr, ikinci, mən İranla əlaqədar bir məqama diqqətinizi cəlb eləmək istəyirəm. Artıq bir ay yarıma yaxındır ki, birbaşa İran dövlətinə yaxınlığı ilə seçilən bir neçə sayt Azərbaycana qarşı ərazi iddiası irəli sürür və burada ön cəbhəyə parlament üzvləri çıxarılır. Onlar belə fikirlər yayırlar ki, guya Türkmənçay müqaviləsi bunları  rüsvay edir, tarixə yenidən baxılmalıdır. Azərbaycana qarşı ərazi iddiasını özündə ifadə eləyən çağırışlar yayırlar. Əlbəttə ki, biz bu təftişlərdən narahat deyilik. Düzdür, ermənilər dərhal düşünüblər ki, bu müharibədə məğlubiyyət nəticəsində İrəvan xanlığının və indi onların əlində olan digər ərazilərin aqibəti necə ola bilər. Amma bilirsiniz ki, Gülüstan müqaviləsinin 200 ili tamam olur. Mən düşünürəm ki, bu məsələ ilə bağlı müəyyən ictimai tədbirlərin keçirilməsinə çox ciddi ehtiyac var. Sağ olun.
Sədrlik edən. Zahid müəllim, sən təcrübəli millət vəkilisən. Bilirsən ki, onlar parlamentdə fitnəkar çıxışlar edirlər. Bu təhrikçi çıxışlara niyə cavab verirsən? Görürsən ki, fitnəkar, boş söhbətlərdir. Buna getməyin də. Fikrini tamamla.
Z.Oruc. Cənab Sədr, Gülüstan müqaviləsinin 200 illiyinin qeyd edilməsi nə Azərbaycan tərəfindən ərazi iddiasıdır, nə tarixə qayıdışdır, nə də dövlətin bir kurs kimi ona önəm verməsidir. Bu, məsələnin tarixi baxımdan, milli mənəvi düşüncədə anlaşılmasıdır. Ona görə mən bu çağırışı elədim. Təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən də Gülüstan sülh müqaviləsini eşidəndə içdən yanıram. Ona görə də heç bir çağırış eləmirəm, hörmətli Zahid müəllim. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarım Zahid Orucun Şəhidlər Xiyabanı ilə bağlı dediklərinə fikrimi bildirmək istəyirəm. Burada dəfələrlə bu təklif səslənib. Məncə, biz 20 yanvar şəhidlərinin statusunu Qarabağ şəhidlərinin statusundan daha önə verməklə, əslində, təbliğat nöqteyi-nəzərindən çox uğurlu iş görmürük. Orada soyqırımı muzeyinin yaradılması təklifi parlamentdə dəfələrlə səslənib. Bir muzey olmalıdır və gələn xarici qonaqlar Azərbaycan türklərinin ermənilər tərəfindən vəhşicəsinə qətlə yetirilməsinin tarixi ilə tanış olmalıdırlar. Bu rəy yaranmalıdır. Keçmiş SSRİ dövründəki vəhşiliklər onsuz da dünyaya məlum hadisələrdir. Məncə, təbliğatda istiqaməti dəyişməyimiz daha faydalı olar.
Deyəcəyim ikinci vacib məsələ İran İslam Respublikasında həbs olunan azərbaycanlı qadın alimlə bağlıdır. Onu çox əsassız bir arqumentlə həbs ediblər. Guya o, casusluq fəaliyyəti ilə məşğul olub. Mən başa düşürəm, bu iş diplomatik kanallarla həll olunmalıdır, amma Azərbaycanın müxtəlif qurumları, bizim partiya da İran İslam Respublikasının bu hərəkatını pisləyib. Ciddi əsas olmadan qadının həbs olunması və hətta casusluq ittihamının irəli sürülməsi islam prinsiplərinə, islam dövlətinə yaraşmayan, uyğun olmayan bir haldır. Ona görə də biz bu məsələ ilə bağlı beynəlxalq təşkilatlara müraciətlərimizi artırmalıyıq və qeyd etməliyik ki, artıq İran bir neçə dəfədir, bu yalançı motivlərlə Azərbaycan vətəndaşlarını bir müddət həbsdə saxlayır, sonra isə müəyyən bir formada bunu bazarlıq predmetinə çevirməyə çalışır. Bir alim qadın nə casusluq edə bilər? İranda kifayət qədər totalitar nəzarət sistemi var və orada kimsə artıq bir hərəkət eləmək imkanına sahib deyil. Məncə, bu məsələyə Azərbaycan tərəfi olduqca həssas yanaşmalıdır. Azərbaycan qadınının hüquqlarının qorunması üçün bütün istiqamətlərdə çalışmalarımızı artırmalıyıq.
Digər vacib bir məsələyə toxunmaq istəyirəm. Oqtay müəllim, tez-tez bizə tələbələrdən müraciətlər olur. İstər dövlət müəssisələrində, istərsə də özəl təhsil müəssisələrində tələbələrin böyük əksəriyyəti təhsil haqqını ödəyə bilmirlər. Adətən, Azərbaycanda belə olur: bir obyekt, mağaza bağlanırsa, vergi qurumları gəlib deyirlər ki, bağlayırsan, bağla, bizim pulumuzu ver. Amma Almaniyada, Türkiyədə, başqa ölkələrdə nəyinsə bağlanması bir fəlakət sayılır ki, 10–20 nəfər işsiz qalacaq. Təhsildə də elədir. Bu tələbələrin vəziyyətini yüngülləşdirmək üçün düşünmək lazımdır. Real təhsil haqları müəyyən olunmalı, onların ailə vəziyyətləri nəzərə alınmalıdır. Çünki bizim üçün hədəf Azərbaycan gənclərinin təhsil alması, bilikli olması, cahil kimi yetişməməsidir. Ona görə də çoxsaylı ali məktəblərdən bu cür şikayətlər var. Xahiş edirəm, bu məsələni nəzərə alıb qanunvericilikdə dəyişiklik edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siz soyqırımı muzeyinin yaradılması məsələsini qaldırdınız. Artıq belə bir muzey Quba qəbiristanlığında tikilir. Bu mərhələ-mərhələ tikilir, tikiləcək də.
İranda həbs olunan azərbaycanlı qadınla bağlı mən bu gün fikrimi bildirdim. Parlamentlərarası dostluq qrupu var, onlar məktubla İran parlamentinə müraciət etsinlər. Mən də cənab Laricaniyə müraciət eləmişəm ki, bu məsələnin həllinə dəstək versinlər. Fərəc Quliyev buyursun.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən bu yaxınlarda mərhum Prezident Heydər Əliyevin 90 illiyi ilə bağlı keçirilən tədbirlərin bir çoxunda iştirak elədim və təqdir eləyirəm. Azərbaycanın bütün prezidentlərinin fəaliyyətləri qiymətləndirilməli, xatirələri əbədiləşdirilməli və anım mərasimləri keçirilməlidir. Yaxınlarda Əbülfəz Elçibəyin 75 illiyi tamam olur. Mən xahiş edirəm ki, milli azadlıq hərəkatının lideri və Azərbaycanın müstəqilliyində müstəsna xidməti olmuş Əbülfəz Elçibəyin xatirəsi ilə bağlı da oxşar tədbirlər keçirilsin, onun adının əbədiləşdirilməsi üçün müəyyən küçələrə, yerlərə onun adının verilməsi ilə bağlı işlər görülsün.
İkinci, Oqtay müəllimin arayışından sonra parlament insan haqları ilə bağlı müraciət edəcəksə, qeyd edim ki, insan haqları və demokratiya bir ölkənin iç işi deyil. Azərbaycana bəzən guya insan haqlarının pozulması ilə bağlı yeri gəldi-gəlmədi təzyiqlər edirlər. İran adlanan o məmləkətdə nəinki Quzey Azərbaycana qarşı, hətta bizim Xalidə xanımın həbsi ilə bağlı işlər görülür. Orada bizim soydaşlarımız kütləvi şəkildə həbs olunurlar. Bu yaxında hər birinə 10 il həbs cəzası verilib. Cənab Prezident bütün çıxışlarında bildirib ki, mən 50 milyonluq Azərbaycan xalqının Prezidentiyəm və bu ölkə, bu dövlət 50 milyonluq Azərbaycan xalqına məxsusdur. Biz insanlarımıza sahib çıxmalıyıq. Mən hesab edirəm ki, o məktubda biz, sadəcə olaraq, dil və milli mədəni haqlarını istəyən insanların həbsinə etirazımızı bildirməliyik. Mən hesab edirəm ki, bu məsələ də bu müraciətdə həllini tapa bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Bilirsiniz, biz insan haqları ilə bağlı bəzi institutların Azərbaycana göstərdiyi təzyiqləri görürük. Ancaq indiki dövrdə bütün müxalifət qəzetləri, müxalifət partiyaları onlara dəstək verir və hələ məsələ də qaldırırlar. Bu da insan hüquqlarının pozulmasıdır. Hansı bir müxalifət qəzeti insan haqlarının pozulması ilə bağlı beynəlxalq institutlara müraciət edib? Görmüsünüz bunları? Fərəc müəllim, elə Sizin də partiyanız var da. Eləmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Burada danışmaqla iş bitmir. Bir dəqiqə, Siz dediniz, mən qulaq asdım. Mən ümumi deyirəm. Bax belə müraciətlər eləmək lazımdır. “Freedom House” ağzına gələni yazır. Kim ona bir məktub yazıb? Kim ona bir müraciət eləyib? Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna iki əlavənin edilməsini təklif edirəm. Məlumdur ki, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin sosial siyasətində şəxslərin sosial müdafiəsinin gücləndirilməsi, onlara qayğı və diqqətin göstərilməsi prioritet istiqamətlərdən biridir. Şəhid ailələrinin sosial təminatının yaxşılaşdırılması da həmişə cənab Prezidentin və dövlətimizin diqqət və qayğısı mərkəzindədir. Bu siyasətin davamı olaraq, hesab edirəm ki, biz qanunlarımızın təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görməliyik.
Mənim konkret təklifim dövlət qulluğuna işə qəbulda şəhid övladlarına müəyyən imtiyazların verilməsi ilə əlaqədardır. Mən təklif edirəm ki, yuxarıda qeyd etdiyim qanuna belə bir əlavə edək ki, hər şəhidin bir ali təhsilli övladı müsabiqədən kənar dövlət qulluğuna qəbul edilmək hüququna malikdir. Yəni onlara bu imtiyaz, bu imkan verilsin. Buna imkanlar da var, çünki Azərbaycanda 30 mindən artıq dövlət qulluğu ştatı var və şəhid övladlarının sayı isə mindən çox deyil. Hesab edirəm ki, qanuna belə bir dəyişikliyin edilməsi onların imtiyazlarının artmasına səbəb olar.
İkinci təklifim şəhid ailəsi üzvlərinin təhsili ilə bağlıdır. Məlumdur ki, bizim qanunvericiliyə görə dövlət ali təhsil müəssisələrində ödənişli təhsil alan şəhid övladlarının təhsil haqları dövlət tərəfindən ödənilir. Amma özəl ali təhsil müəssisələrində bu haqq tanınmır. Hesab edirəm ki, özəl ali təhsil müəssisələrinə də dövlət sifarişi ilə qəbul aparıldığına görə bu haqq onlara da tanınmalıdır. Eyni zamanda, Konstitusiyaya görə bütün müəssisələr hüquqi cəhətdən bərabərdir. Şəhid ailələrinin üzvlərinə hər iki təhsil müəssisəsində dövlət hesabına təhsil almaq imkanı yaradılmalıdır. Hesab edirəm ki, qaçqın və məcburi köçkün övladlarına da bu imkanı yaratmaq lazımdır. Qaçqın və məcburi köçkün övladları da dövlət ali təhsil müəssisələrində dövlətin hesabına oxuyurlar, amma özəl ali təhsil müəssisələrində bu ödəniş həyata keçirilmir. Əgər özəl ali təhsil müəssisələrinə də artıq dövlət sifarişi ilə qəbul aparılırsa, o vəsait həmin insanlara xərclənməlidir. Xahiş edirəm, bu məsələyə münasibət bildirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, dediyiniz məsələlərin bəzilərinə baxmaq olar. Amma mən dövlət qulluğuna müsabiqəsiz qəbul olunmaq təklifini heç cür qəbul edə bilmərəm. Hər cür güzəştlər var. İnstitutlarda da var. Amma dövlət qulluğuna, vəzifəyə müsabiqəsiz qəbul doğru deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamının ali təhsili var da. Müsabiqəni ona görə aparırıq ki, yaxşıların yaxşısı keçsin. Elədir? İndi deyəcəksən ki, təzədən dövlət qulluğuna keçənlərin sayını artıraq. İmtahan verirlər, gedirlər. Bu müsabiqəni ləğv edək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
İndi haradan bilirsən ki, nə qədər şəhid və qaçqın ailəsinin üzvü dövlət qulluğunda işləyir? İmtahan veriblər, keçiblər.  Bu yanaşmanı düzgün hesab eləmirəm. Dövlət qulluğuna qəbul üçün imtahan verməli, müsabiqədən keçməlidirlər. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən hamınızın diqqətini bir məsələyə cəlb eləmək istəyirəm. Bu da onunla bağlıdır ki, bu ayın axırında Avronest Parlament Assambleyasının növbəti iclası keçiriləcək. Çox təəssüf, bizim GUAM-da əməkdaşlıq elədiyimiz Gürcüstan, Moldova, Ukrayna təmsilçiləri şahidi olmamışam ki, bir çox beynəlxalq təşkilatlarda ciddi şəkildə söz alıb Azərbaycanın ərazi bütövlüyünü dəstəkləsinlər. Baxmayaraq ki, hökumətlər səviyyəsində Azərbaycanın ərazi bütövlüyünü dəstəklədikləri qeyd olunur.
Oqtay müəllim, bizim nümayəndə heyətinin rəhbəri Elxan müəllim də bu barədə mətbuatda çıxış eləyib. Partiya olaraq biz bununla bağlı rəsmi bəyanat da vermişik. Həm parlament rəhbərliyi, həm də Xarici İşlər Nazirliyi bu ölkələrin hökumətləri ilə əlaqə saxlamalıdır ki, bu riyakar yanaşmaya son verin. Sizin bu susmağınız dolayısı elə Ermənistanı dəstəkləməkdir. Guya bunlar Ermənistanla münasibətləri pozmaq istəmirlər və “müdrikcəsinə” susurlar. Amma bizim parlament nümayəndə heyətləri hər zaman bütün beynəlxalq təşkilatlarda həm Gürcüstanı, həm də Moldovanı birmənalı şəkildə dəstəkləyiblər. Ona görə də bunu onlardan tələb eləməyə haqqımız var.
İkinci, burada Fərəc bəy Elçibəylə bağlı fikirlərini söylədi. Mərhum Prezidentimiz Heydər Əliyevin 90 illiyi oldu və Azərbaycan müxalifətinin böyük bir hissəsi Heydər Əliyevin həm Azərbaycanın dövlət müstəqilliyinin əldə olunmasında, həm də onun qorunub saxlanmasındakı tarixi xidmətlərini qeyd elədilər və artıq bunu açıq şəkildə söyləməkdən çəkinmirlər. Əbülfəz Elçibəy də Azərbaycan milli azadlıq hərəkatının lideri olub və o dünyasını dəyişərkən elə Heydər Əliyev öz böyüklüyünü göstərərək onun cənazəsi önündə baş əydi və ona ehtiramını ifadə elədi. Hakim Yeni Azərbaycan Partiyası da hesab edirəm ki, böyüklük göstərməlidir və çalışmalıdır ki, ölkədə siyasi mədəniyyətin inkişafına təkan versin. Elçibəyin Azərbaycan tarixindəki xidmətləri nəzərə alınaraq onun adı əbədiləşdirilməlidir.
Bununla yanaşı, qarşıdan Bakının azad olunmasının 95 illiyi gəlir. Həm də Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının 95 illiyi yaxınlaşır. Tarixdə, əlbəttə, bizim ürəyimizcə olmayan müəyyən məqamlar olsa da, Qafqaz İslam Ordusunun başında Nuru Paşa Azərbaycanın azad olmasında iştirak edib və 1300-dən artıq Anadolu türkü burada şəhid olub. Məncə, dostluğumuzun möhkəmlənməsi üçün Bakıda Nuru Paşanın abidəsinin ucaldılmasına çox böyük ehtiyac var. Hesab edirəm ki, həm Elçibəyin, həm də Nuru Paşanın adının əbədiləşdirilməsi  tariximizə hörmətimizin ifadəsi olar və iqtidara başucalığı gətirər. Ona görə bu təkliflərin nəzərə alınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siz Avronest Parlament Assambleyasından danışdınız. Mənim hələ xəbərim yoxdur ki, Avronest Parlament Assambleyasının hər hansı bir iclasında, hər hansı bir toplantısında bizim müttəfiqlərimiz Azərbaycana qarşı özlərini başqa cür aparsınlar. Avronest Parlament Assambleyasının bir sessiyasının iclası Azərbaycanda keçirildi. Hamımız şahidi olduq,  sessiya çox yüksək səviyyədə keçdi.
O ki qaldı nümayəndə heyətlərinə, deyim ki, bizim nümayəndə heyəti heç də onlardan zəif deyil. Onlarla işləmək lazımdır. Əgər hər hansı bir parlament nümayəndə heyəti ilə problem varsa, onu demək lazımdır. Dostluq qrupları var, onların və bizim köməyimizlə bu işləri görmək mümkündür. Deyirsiniz ki, bu məsələni hökumətlər səviyyəsinə qaldırmaq lazımdır. Hökumətlər səviyyəsində hamısı Azərbaycanın ərazi bütövlüyünü tanıyırlar. İndi zəng eləyib deyək ki, bizim ərazi bütövlüyümüzü tanısınlar? Onlarla işləmək lazımdır. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, hörmətli Sədr! Məndən öncə çıxış eləyən deputat həmkarlarım Musa Quliyev və Zahid Orucun fikirləri ilə şərikəm. Həm “şəhid” adının əbədiləşdirilməsi, şəhid statusuna yenidən baxılması, həm də Şəhidlər Xiyabanı və soyqırımı məsələləri ilə bağlı deyilənlərlə razıyam. Ermənilər “qondarma erməni soyqırımı”na 50-ci illərdə abidə qoyublar, amma biz nədənsə başımıza gələn müsibətlərlə bağlı soyqırımı abidəsinin qoyulmasında ləngiyirik. Ulu öndərimizin 1998-ci ildə azərbaycanlıların soyqırımı ilə bağlı verdiyi sərəncamın bir bəndində xüsusilə qeyd olunub ki, Bakı şəhərində soyqırımı abidəsi və soyqırımı muzeyi yaradılsın. Ancaq bu günə kimi bu məsələ həll olunmayıb.
Bakı şəhərində Xocalı soyqırımı ilə bağlı abidə var, amma çox təəssüf ki, hörmətli Oqtay müəllim, ildə bir dəfə – fevralın 26-da ziyarət olunur. Mən bir neçə dəfə təklif eləmişəm, yenə də xahiş edirəm ki, xarici nümayəndəliklərin ziyarət protokoluna Xocalı soyqırımı abidəsinin ziyarət olunması bəndi salınsın. Təklif olunsun, kim istəyər, gedər ziyarət eləyər, kim istəməz, getməz. Bəzən cavab verirlər ki, gələn nümayəndələrin dövlətləri hələ bu soyqırımı tanımayıblar. Biz protokola salıb dəvət eləyək, gedərlər, getməzlər özləri bilərlər.
Bir də, əvvəlki illərdə mənim soyqırımı abidəsi haqqında bir neçə təklifim olub. Təklif eləmişəm ki, bu abidə Şəhidlər Xiyabanında görkəmli bir yerdə salınsa, yaxşı olar. Soyqırımı abidəsi,  soyqırımı muzeyi, Şəhidlər Xiyabanı, türk məzarlığı – bu bir kompleks təşkil eləyər. Gələn xarici nümayəndələr istər-istəməz məcbur olacaqlar ki, oranı ziyarət eləsinlər. Çox sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Siz Xocalı soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış abidədən danışdınız. Nəzərinizə çatdırım ki, çox yüksək səviyyəli bir layihə hazırlanıb. Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş abidə dəyişdiriləcək, çox yüksək səviyyəli bir muzey kimi olacaq. Yəqin gələcəkdə protokola da salınacaq. Bu işlər gedir, amma bu bir günün işi deyil. Artıq böyük bir kompleksin layihəsi  hazırlanır. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən iki məsələyə münasibətimi bildirmək istəyirəm. Vaxtilə Cinayət Məcəlləsinə, o cümlədən İnzibati Xətalar Məcəlləsinə ictimai qaydaların pozulmasına görə cərimələrin və həbs müddətlərinin artırılması ilə bağlı dəyişikliklər ediləndə bir sıra iradlarımı bildirmişdim. Demişdim ki, sabah bundan neqativ formada istifadə olunacaq.
Bu günlərdə gənclər etiraz aksiyası keçirdilər və 10 gün həbs cəzası aldılar. Bu həbs cəzası alan şəxslər, bilmirəm, məhkəmənin qərarı olub-olmayıb, içəridə müəyyən işlərə cəlb olunublar. Təəssüflə qeyd edirəm ki, orada, – yəqin ki, gənclər özləri bunu çəkməyiblər, – onların şəkillərini çəkib, kimlərəsə ötürüblər. Həm sosial şəbəkələrdə, həm də mediada bunların guya aşağılayıcı işlərdə işləməsi ilə bağlı mövqe ifadə edirlər. Bu nə yaramazlıqdır, bu nə tərbiyədir? Əgər hətta məhkəmə qərar veribsə və sən ona bir iş vermisənsə, o da işləyibsə, niyə bunun şəklini çəkib cəmiyyətə yayırsan? Bu nə deməkdir? Bununla hara getmək mümkündür? Sabah bu adam özünü doğrasın ki, yox, mən bu işi görməyəcəm, çünki sən fotomu çəkib yayırsan?
Bu, əslində, kütləvi itaətsizliyə aparan bir mövqedir. Bunu orada çalışanlar, hüquq mühafizə orqanları eləyib. Başqa heç kim bunu eləyə bilməz. Ora nə müxalifətçi, nə də jurnalist girib. O şəxslərin özlərinin üzərində də telefonlar olmayıb ki, həbs olunan şəxs kimi bunu çəksinlər.
Birinci, bu, ciddi etiraz doğuran haldır. Mən hesab edirəm ki, bundan sonra hətta məhkəmə qərar çıxarsa belə, həbs olunan adamların heç biri bu işi görməyəcək, çünki onlardan aşağılayıcı məqsədlər üçün istifadə edirlər.
İkinci, bu gün bir sıra şəxslərin həyat və şəxsi mövqeləri ilə bağlı karikaturalar ayrı-ayrı saytlarda, kütləvi informasiya vasitələrində bilərəkdən yayılır. Biz bilirik ki, bu adamları kimlər öyrədir, kimlər maliyyələşdirir və efirə buraxır. Bu şəkildə yanaşma Azərbaycan cəmiyyətində xoş əhvali-ruhiyyə yaratmayacaq. Mən inanmıram və inanmaq istəmirəm ki, insanların şəxsiyyətinə, bəzən ailəsinə, qadına qarşı bu cür münasibət və belə metodlardan istifadə ümumilikdə bir siyasətdir. Kimlər bundan istifadə edirsə, sabah onun özünün də başına həmin şeyləri gətirə bilərlər.
Sədrlik edən. Çox sağ olun. Mən bu fikirlə də razıyam. Bu gün biz belə məsələnin qarşısını almaq üçün vacib qanunlardan birini qəbul edəcəyik. O ki qaldı şəkillərlə bağlı məsələyə, siz tam əminliklə deyirsiniz ki, bunu hüquq mühafizə orqanları eləyib...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz dediniz, bildik. İndi mən deyirəm, qulaq asın. Kim eləyibsə, ona ar olsun.
Əlində fakt olmadan kiminsə haqqında danışmaq düzgün deyil. Mən hesab edirəm ki, bu məsələ araşdırılmalıdır. Məsələ araşdırılmamış bunu təzədən qızışdırmaq doğru deyil. Xahiş edirəm, belə məsələlər olanda araşdırın, sonra deyin. Orada bir çağırış olub, ikinci çağırışı da sən edirsən. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu gün Azərbaycanın sürətlə inkişaf etməsi və Cənubi Qafqazın iqtisadiyyatının maliyyə kütləsinin böyük hissəsini əlində cəmləşdirməsi, eyni zamanda, ən güclü orduya sahib olması ölkəmizi beynəlxalq münasibətlər sisteminin gündəminə gətirir. Həm daxili, həm də xarici siyasətdə rasionallığın və praqmatizmin hökm sürməsi Azərbaycanın əldə etdiyi uğurların davamlı olmasına səbəb olur. Bütün bunlar Azərbaycanın dostlarının sayının artmasına və xalqımızın rifahının yüksəlməsinə səbəb olsa da, eyni zamanda, bizi istəməyənlərin sayının artmasına imkan verir.  Biz zaman-zaman bunlarla rastlaşmışıq.
Bu gün böyük siyasi problemlər yaratmaq cəhdlərinin əsas motivlərinə və detallarına nəzər saldıqda bir daha qaranlıq məqamları görmüş oluruq. İlk olaraq demək lazımdır ki, may Azərbaycan xalqı üçün ağır aydır. Çünki Dağlıq Qarabağın işğalına yol açmış Şuşanın və Laçının Ermənistan tərəfindən zəbt edilməsi may ayına təsadüf edir. Bu rayonların işğal edilməsinin məsuliyyəti isə birbaşa AXCP – Müsavatın, bir sözlə, radikal müxalifətin üzərindədir.
İkincisi, radikal müxalifət hər zaman olduğu kimi, bu dəfə də erməni lobbisinin təsiri altında müxtəlif təşkilatların dəstəyi ilə Azərbaycan ordusuna ləkə yaxmağa cəhd göstərir. Bu da, əlbəttə ki, səbəbsiz deyil, çünki son günlər cəbhə xəttində vəziyyəti gərginləşdirməyə çalışan ermənilər Azərbaycan ordusu tərəfindən ciddi cavab alaraq geri otuzdurulur. Bunun səbəbi budur ki, Azərbaycan ordusunun arxasında güclü cəmiyyət durur. Amma müxtəlif təxribatlarla cəmiyyət və ordu arasında uçurum yaratmaq istəyən radikal müxalifət məhz ermənilərin maraqlarına xidmət etdiyini ortaya qoyur. Göründüyü kimi, radikal müxalifət bilərəkdən siyasi şou düzənləyir. Onların bütün bu cəhdləri məqsədli xarakter daşıyır və əlbəttə ki, Azərbaycanı istəməyən dairələrin planlarının tərkib hissəsidir. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, mən də çox mühüm bir məsələyə toxunmaq istəyirəm. Bu gün ziyarət etdiyimiz Şəhidlər Xiyabanında beş şəhid nəsli yatır; 1918-ci il Bakı şəhidləri, Türk-İslam ordusunun şəhidləri, 1990-cı il şəhidləri, Qarabağ şəhidləri və nəhayət, II Dünya müharibəsi şəhidləri. İki nəslin şəhidlərini ziyarət eləyib yerdə qalanları unutmaq narazılıq yaradır. Ona görə də burada, doğrudan da, soyqırımı muzeyi yaradılmalıdır.
Hazırda köhnə “Drujba” restoranının yanında İnqilab muzeyi tikilir. Guya bu “İnqilab muzeyi” olacaq. Amma mənə elə gəlir ki, adını “inqilab” qoymaq elə Kirovun xatirəsini yada salmaqdır. “İnqilab”ın nə dəxli var, muzey “Soyqırımı muzeyi” adlandırılsa, daha yaxşı olar, məsələ də asanlıqla həll olunar.
Sonra, burada Güney Azərbaycanla bağlı məsələlərə toxunuldu. Oqtay müəllim də yaxşı dedi ki, niyə etiraz eləmirsiniz. Cəmiyyət bu məsələlərə biganədir və bizim apardığımız siyasət o biganəliyi yaradıb. Amma öz adımdan deyim ki, mən son illərdə bir neçə dəfə beynəlxalq təşkilatlarda – İnsan Haqları üzrə Ali Komissarlıqda, BMT-də, ABŞ Konqresində, Dövlət Departamentində, Cenevrədə bu məsələlərlə bağlı görüşlər keçirmişəm.
20 gün bundan əvvəl elə ABŞ Konqresində güney məsələsi ilə bağlı çox geniş söhbətimiz olub. Söhbətdə konqresmenlər qeyd etdilər ki, İrana qarşı münasibətində Azərbaycan hökuməti cəsarətli siyasət aparır. Mən orada susdum, çünki kənarda dövlətimiz haqqında söz demək istəmirəm. Amma içimdə fikirləşirəm ki, bizim cəsarətimiz nədən ibarətdir? Biz Güney Azərbaycandan bir nəfər uşağı pulsuz oxutmuruq, bir nəfərə burada oturmaq haqqı vermirik, gələn təcili xaricə ötürülür. Orada tutulanlarla bağlı cəsarətli addım atıb dövlətin mövqeyini ortaya qoya bilmirik. Orta əsrlərin cəhaləti, vəhşiliyi ilə asılanlar, qəddarlıqla qətlə yetirilənlər bizim soydaşlarımızdır. Onlarla bağlı bir söz deyə bilmirik.
Bu gün əhəmiyyətini itirən, 200 illik tarixi olan Gülüstan müqaviləsi ilə bağlı beynəlxalq aləmə müraciət eləyə bilmiriksə, onda bizim müstəqil dövlətimizin o cəsarəti hələ çatışmır. Arzu edirəm ki, o cəsarət olsun, çünki bizim bu bölgənin taleyi 50 milyonluq Azərbaycanın taleyindən keçir. Bu gün biz yatmışıq, amma üzr istəyirəm, böyrümüzdə Urmiya və Təbrizə göz dikən qüvvələr var. Hələ bilmirik ki, sabah bu bölgədə müəyyən dəyişikliklər olsa, o torpaqlarımıza kim sahib çıxacaq və biz müqavimət göstərə biləcəyik, yoxsa yox?
Sədrlik edən. Sabir müəllim, Siz Azərbaycan hökumətinin cəsarətli siyasətinə şübhə edirsinizsə, öz işinizdir. Siz Dünya Azərbaycanlıları Konqresinin sədrisiniz. Sizin birbaşa borcunuzdur ki, orada çıxış edəsiniz, sözünüzü deyəsiniz. Amma gəlib burada demək ki, Azərbaycanın cəsarəti var, ya yoxdur, bu, söhbət deyil. Azərbaycan hələ bir istiqamətdə apardığı mübarizəni başa çatdırmayıb. Siz deyirsiniz ki, 15 istiqamətdə mübarizə aparaq. Üzr istəyirəm, çoxlarına aiddir, öyrəşmişik populist çıxışlar etməyə. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli həmkarlarım, mən də Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin İranda həbs olunması ilə bağlı məsələyə münasibətimi bildirmək istəyirəm. Hamımıza yaxşı məlum olduğu kimi, İran Azərbaycana dost və qonşu ölkədir. İran İslam Respublikası ilə Azərbaycan Respublikasının çoxtərəfli əməkdaşlığı, o cümlədən elmi əməkdaşlığı bundan sonra da davam edəcəkdir. Mən Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı Xalidə Xalid haqqındakı məsələnin İran tərəfindən bu qədər gərginləşdirilməsini uyğun görmürəm və hesab edirəm ki, Azərbaycan Xarici İşlər Nazirliyinin iki dəfə verdiyi nota Azərbaycan dövlətinin və Azərbaycan xalqının fikrini ifadə edir.
Azərbaycan Milli Elmlər Akademiyası adından bildirmək istəyirəm ki, Xalidə Xalid “Məhəmməd Hüseyn Şəhriyar və türk xalqları ədəbiyyatı” mövzusunda namizədlik dissertasiyasını tamamlamaq və onu əlavə sənədlərlə zənginləşdirmək üçün şəxsi təşəbbüsü ilə Təbrizə getmişdir. Onun məqsədi yalnız tədqiqatçılıq və araşdırmaçılıqdan ibarətdir. Azərbaycan Milli Elmlər Akademiyası Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı Xalidə Xalidin məsələsinin obyektiv araşdırılması və onun hüquqlarının pozulmaması, azadlığa buraxılması barədə mövqeyini ifadə etmişdir. Mən hesab edirəm ki, iki ölkə arasında münasibətlər baxımından, narahatçılığa səbəb olan bu məsələ barədə Azərbaycan parlamentinin üzvləri tərəfindən də müraciət qəbul olunması məqsədəuyğun olardı. Hesab edirəm ki, həmin müraciətdə parlamentdə təmsil olunan elm və təhsil işçilərinin, alimlərin imzalarının olması bizim vətəndaşlıq borcumuzun ifadəsi ola bilər. Diqqətinizə görə sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Rəbiyyət Aslanova. 
R.Aslanova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün burada səslənən bir sıra fikirlərə münasibətimi bildirmək istərdim. Mən hörmətli millət vəkillərinin dedikləri bir çox məsələlərlə razıyam, ancaq bəzi məqamları da nəzərinizə çatdırmaq istərdim. Bu gün burada soyqırımı abidəsinin, soyqırımı muzeyinin yaradılmasının vacibliyi qeyd edildi. Amma bir anlığa fikirləşdim ki, böyük heykəllər, çoxlu muzeylər yaratmaq olar. Ancaq o böyük abidələr ilk növbədə bizim ürəyimizdə olmalıdır. Bir abidəni ucaldıb sonradan yanına getməmək, yəni müəyyən günlərdə ora getmək hələ məsələnin həlli deyil.
İki gündən çoxdur ki, ermənilərin Şuşada keçirdikləri toy-bayramı internetdən müşahidə edən insanlarımızın çəkdiyi ağrıların, gözlərindən axan yaşın nə qədər ağır olduğunu hər birimiz bilirik. Zori Balayanın, onun ətrafında olan döşləri orden, medalla dolu olan generalların Şuşada rəqs etməsini görəndə fikirləşirsən ki, artıq fəaliyyət vaxtıdır. Bunu görüb başqa cür hərəkət etmək olmaz, çünki onların döşlərində olan hər bir orden və medal bizim şəhidlərimizin qanıdır. Ona görə təkcə muzey yaratmaqla kifayətlənmək olmaz. Bu gün dövlətimizə güclü vətənpərvərlik milli strategiyası lazımdır.
Bəlkə faşist Almaniyasının tarixindən misal gətirmək o qədər düz deyil, amma pis təcrübə də təcrübədir. 1933-cü ildə hakimiyyətə gələn faşistlər şən əhvali-ruhiyyəli, lirik musiqilərin səsləndirilməsini birdəfəlik qadağan elədilər. Hesab elədilər ki, yalnız güclü marş musiqiləri ilə insanları döyüşə hazırlamaq olar. Biz neyləyirik? Heç uzağa yox, bizim teleməkana baxın. Nə baş verir? Hansı vətənpərvərlikdən danışırıq? Gənclərimizi yalnız musiqiyə, rəqsə, cürbəcür müsabiqələrə cəlb eləməklə məşğuluq. O gəncləri sabah həmin soyqırımı muzeyinə gətirmək belə bizim üçün çox çətin olacaq. Yaxşı olar ki, bu gün orta məktəbdən başlamış ali məktəblərə qədər gənclər təşkilatlarının fəaliyyətini başqa istiqamətə yönəldək.
Gəlin, bir məsələ barədə fikirləşək. Bu yaxında “Mini Azərbaycan” adlı çox gözəl bir sərgi nümayiş etdirildi. Gəlin, “mini Qarabağ” yaradaq. Şuşanı məndən yaxşı tanıyan bəlkə ikinci adam yoxdur, çünki mənim evim Şuşanın Qurdlar məhləsində idi. Şuşanın maketini yaradaq ki, o muzeylərə gələn və Şuşanı görməyən uşaq Şuşanı görsün. Gəlsinlər digər yeddi rayonu görsünlər, baxsınlar. Bir anlığa fikirləşsin ki, mən bu küçədən keçə bilərdim, bura mənim evim idi, orada yaşaya bilərdim. Amma biz bunu eləmirik. Şuşa, Xankəndi, digər yerlər bir əfsanədir. Uşaqlar bunu görmürlər və içəridə...
Sədrlik edən. Sağ olun, Rəbiyyət xanım. Hörmətli deputatlar, gündəlikdəki məsələlərin müzakirəsinə keçirik. Birinci məsələ “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə düzəlişlərin təsdiq edilməsi barədə qanun layihəsidir. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycan Respublikası Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının həmtəsisçilərindən biridir. 1992-ci il 25 iyun tarixində həm İstanbul bəyannaməsini, həm Bosfor bəyanatını, həm də 1998-ci il 5 iyununda Yaltada nizamnamə imzalayan tərəflərdən biri olmuşdur.
Azərbaycan Respublikasının Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında iştirakının əsas məqsədi təşkilatın əhatə etdiyi Qara dəniz regionunda xüsusi rola malik olduğunu sübut etmək, bu rolu möhkəmləndirmək, regiona mütərəqqi qurucu münasibət bəslədiyini göstərmək və bununla da strateji milli maraqları qoruyub inkişaf etdirməkdir.  Son illərdə bu təşkilat vasitəsilə bir sıra strateji əhəmiyyət kəsb edən layihələr həyata keçirilir.
Onu da qeyd etmək lazımdır ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatında Azərbaycan Respublikasının nümayəndə heyətinə Milli Məclisin üzvü, çox dəyərli ziyalımız Asəf Hacıyev rəhbərlik edir. Asəf Hacıyev 2006–2008-ci illərdə həmin təşkilatın vitse-prezidentlərindən biri olmuşdur.
“Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişə düzəlişlərin təsdiq edilməsi barədə qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komissiyasında müzakirə olunub. Dəyişikliklərin əksəriyyəti redaktə xarakteri daşıyır. 1 maddədə isə səhm kapitalının artırılması nəzərdə tutulur. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Sözsüz ki, bu çox önəmli bir məsələdir və biz buna səs verəcəyik. Amma mən çox vacib məsələ ilə bağlı fikrimi bildirməliyəm. Mən Rəbiyyət xanımın ağrı-acılarını, keçirdiyi hissləri başa düşürəm, amma Azərbaycan parlamentində faşizmdən misal gətirmək qəbul olunmazdır. Biz özümüz elə erməni faşizmindən əziyyət çəkirik. Yəni biz sivil ölkəyik və sivil dünya da bizə baxır. Ona görə də mən hesab edirəm ki, faşistin ağına da, qarasına da, o cümlədən erməni faşizminə də lənət. Doğrudan da, Rəbiyyət xanımın dediyi kimi, biz əməliyyat keçirib torpaqlarımızı azad etməliyik. Sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı, sualınız var, buyurun.
F.Ağamalı. Əslində, sualımın cavabını “Qara Dəniz Ticarət və İnkişaf Bankının təsis edilməsi haqqında” Sazişin başlanğıcında tapa bildim. Ancaq bir daha fikrimi dəqiqləşdirmək və hörmətli həmkarımız Ziyad Səmədzadədən öyrənmək istərdim ki, bu təsisçilərin arasında Ermənistan da varmı? Əgər varsa, onda biz Qara Dəniz Ticarət və İnkişaf Bankını Ermənistanla bərabər təsis etməklə ona geniş maliyyə imkanları yaradırıqmı və burada Ermənistan–Azərbaycan münasibətləri hansı formada, hansı şəkildə tənzimlənəcək? Bu məsələ mənim üçün, əlbəttə, qaranlıqdır. İstəyərdim, buna aydınlıq gətirilsin. Çox sağ olun.
Sədrlik edən. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Asəf Hacıyev daha yaxşı cavab verərdi.
Sədrlik edən. Amma Asəf müəllim burada yoxdur. Ziyad müəllimə mikrofon verin.
Z.Səmədzadə. Məlumat üçün deyim ki, təşkilat 1992-ci ilin 25 iyununda yaradılıb. Bura Albaniya Respublikası, Azərbaycan Respublikası, Ermənistan, Yunanıstan Respublikası, Moldova Respublikası, Rumıniya, Rusiya Federasiyası, Türkiyə Respublikası və Ukrayna daxildir. Təbii ki, Fəzail müəllimin dediyində müəyyən həqiqət var, ancaq bu əməkdaşlıqda Azərbaycan prinsipial olaraq bilavasitə Ermənistanla əlaqədar məsələlərdə iştirak etmir və xüsusi qeydini edir. Ona görə də mən belə hesab edirəm ki, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində onlarla bizim heç bir əməkdaşlığımız yoxdur.
Sədrlik edən. Aydındır. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri  (saat 12.44 dəq.)
 Lehinə  104
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  104
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycanda son illər iqtisadi sahədə böyük uğurlar əldə edilir və bunun əldə olunmasında nəqliyyat sektorunun rolu kifayət qədərdir. Son illər ölkə iqtisadiyyatının bütün sahələrində müşahidə olunan dinamik inkişaf nəqliyyat sektorunun bütün istiqamətlərində həyata keçirilən böyük işlərlə bilavasitə əlaqədardır. Hörmətli millət vəkilləri, bu istiqamətdə həyata keçirilən tədbirlər barədə sizin kifayət qədər məlumatınız vardır.
Qeyd etmək lazımdır ki, tikilmiş və istismara verilmiş avtomobil yollarının və yol qurğularının uzun  müddətli istismarının təmin edilməsi, yolların qorunması ilə bağlı təhlükəsizlik tədbirlərinin daha da gücləndirilməsi, avtomobil yolları istifadəçilərinin məsuliyyətinin, normadan artıq yüklənmiş ağır çəkili və iriqabaritli nəqliyyat vasitələrinin hərəkətinin tənzimlənməsi istiqamətində görülən tədbirlərin səmərəliyinin artırılması, ödənişli avtomobil yolları şəbəkəsinin formalaşdırılması, habelə yol təsərrüfatı subyektləri arasında yaranan münasibətlərin müasir dövrün tələblərinə uyğunlaşdırılması kimi məsələlərin həlli artıq 1999-cu ildə qəbul edilmiş “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq dəyişikliklərin edilməsi zərurətini yaratmışdır.
Hörmətli millət vəkillərinə məlumat vermək istəyirəm ki, qanun layihəsi komitədə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin professional əməkdaşlarının iştirakı ilə geniş müzakirə edilmiş və millət vəkilləri birmənalı şəkildə əldə edilən müsbət dəyişiklikləri yüksək qiymətləndirmiş, eyni zamanda, qanunda bir sıra dəyişikliklərin edilməsini yuxarıda sadaladığım səbəblər üzündən obyektiv hesab etmişlər.
Təqdim edilən layihədə “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun “Əsas anlayışlar” maddəsinə “avtomobil yollarının sahibləri”, “ağırçəkili nəqliyyat vasitəsi”, “iriqabaritli nəqliyyat vasitəsi”, “təhkim zolağı”, “qorunma zolağı”, “yolkənarı xidmət obyektləri” kimi yeni anlayışlar əlavə edilərək, hansı mənaları ifadə etməsi göstərilmişdir.
Qanun layihəsində həmçinin avtomobil yollarının təsnifatı aparılarkən şəhərlərin inzibati-ərazi hüdudları daxilində olan küçə və prospektləri əhatə edən şəhər avtomobil yollarının ümumi istifadə olunan avtomobil yollarının tərkibinə daxil olması barədə yeni maddə əlavə edilmişdir.
Son illər ayrı-ayrı fiziki və hüquqi şəxslər tərəfindən mövcud avtomobil yollarının təhkim və mühafizə zolağında qanunsuz, özbaşına aparılan tikililərin qarşısının alınması məqsədi ilə qanun layihəsinin 13-cü maddəsində dəyişiklik nəzərdə tutulur. Təklif edilir ki, ümumi istifadədə olan avtomobil yollarının yerləşdiyi torpaq sahələri dövlət mülkiyyətidir, bölünməzdir və özgəninkiləşdirilə bilməz. Avtomobil yollarının torpaq sahəsini təhkim və qorunma zolaqları təşkil edir. Ümumi istifadədə olan avtomobil yollarının torpaq sahələrində müvafiq icra hakimiyyətinin razılığı olmadan və ya verilmiş razılıq şərtləri pozulmaqla inşa edilmiş hər cür tikili və qurğular qanunsuz hesab edilir və o tikili və qurğuların qanunsuz inşasına yol vermiş hüquqi və fiziki şəxs onları öz qüvvəsi və ya vəsaiti hesabına sökməlidir.
Qanun layihəsinə “Avtomobil yollarının qorunma mühafizə zolaqları” adlı yeni maddə əlavə edilmişdir. Avtomobil yollarının qorunma zolaqları avtomobil yolunun mühafizəsi, perspektiv inkişafı, yenidən qurulması, təmiri, saxlanılması üçün nəzərə tutulmuş, habelə yolkənarı xidmət obyektlərinin yerləşdiyi ərazini əhatə edir.
Qanuna həmçinin “Avtomobil yollarının ehtiyat zolaqları” adlı yeni maddə əlavə edilmişdir. Layihədə avtomobil yollarının ehtiyat zonaları yerlərinin və hüdudlarının müəyyən olunması, habelə ehtiyat zonalarında kommunikasiyaların çəkilməsi, bina və qurğuların tikintisi qaydalarının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunması barədə tələblər də öz əksini tapmışdır.
Qanun layihəsində mülkiyyət növündən və əhəmiyyətindən asılı olmayaraq avtomobil yolları haqqında məlumatları əks etdirən dövlət  informasiya ehtiyatlarının vahid bazada toplanması məqsədi ilə avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması nəzərdə tutulmuşdur. Reyestrə hər bir avtomobil yolunun sahibi, adı, indeksi və uzunluğu, xəritəsi, yolun və onun sahələrinin avtomobil yolları təsnifatına uyğunluğu, avtomobil yolunun balans dəyəri, onun  dəyişilməsi və köhnəlməsi, avtomobil yollarının faktiki vəziyyəti, avtomobil yollarının tutduğu torpaq sahəsi, yol örtüyünün növü və vəziyyəti, habelə yol nişanlarının dislokasiyası və digər zəruri məsələlərin daxil edilməsi nəzərdə tutulmuşdur.
Qanun layihəsinin vacibliyini şərtləndirən cəhətlərindən biri də odur ki, sənəddə avtomobil yollarının qorunma zolağı hüdudlarında istifadəçilərin zəruri ehtiyaclarını ödəmək, həmçinin avtomobil nəqliyyatı vasitələrinin hərəkətinə mane olmayan, yol hərəkəti təhlükəsizliyinin digər tələblərini, avtomobil yollarının saxlanılması və təhlükəsiz istismarı qaydalarını pozmayan fəaliyyət növlərini yerinə yetirmək üçün təşkil edilən yolkənarı xidmət obyektlərinin yerləşdirilməsi qaydalarını özündə əks etdirən müddəalar nəzərdə tutulmuşdur.
Layihəyə avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinin ümumi əsasları və şərtlərini özündə ehtiva edən yeni fəsil daxil edilmişdir. Avtomobil yollarının layihələndirilməsi və yenidən qurulması hərəkətin təhlükəsizliyinin təmin edilməsi, sürətin dəyişməsi və sürətə qoyulan məhdudiyyət nəzərə alınmaqla həyata keçirilməli olduğu qeyd edilmiş, avtomobil yollarının tikintisi, yenidən qurulması və təmiri zamanı layihə smeta sənədlərinin “Avtomobil yolları haqqında” Qanunun tələblərinə və avtomobil yolları sahəsində texniki normalara riayət olunmaqla tərtib edilməsi göstərilmişdir.
Qanun layihəsində avtomobil yollarında baş vermiş yol nəqliyyat hadisəsi araşdırılan zaman qəzanın baş vermə səbəbinin və səbəblərindən birinin yolun texniki-istismar vəziyyəti ilə bağlılıq ehtimalı olan hallarda müvafiq yol təsərrüfatı orqanlarının rəsmi nümayəndəsinin iştirakı ilə araşdırılma aparılması barədə normada öz əksini tapmışdır. Qeyd etmək lazımdır ki, “Avtomobil yolları haqqında” Qanunda dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlanarkən qabaqcıl Avropa ölkələrinin təcrübəsindən istifadə edilmiş, həmçinin bir sıra MDB dövlətlərinin və Dünya Bankının tövsiyələri nəzərə alınmışdır.
Ümumiyyətlə, mövcud qanunun 20 maddəsində dəyişikliklərin edilməsi, 3 maddənin yeni redaksiyada verilməsi, 15 yeni maddənin və iki yeni fəslin əlavə edilməsi təklif olunur. Bir daha vurğulamaq istəyirəm ki, millət vəkilləri Vahid Əhmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı, Ayaz Orucov, Rüfət Quliyev, İlham Əliyev və digərləri qeyd etmişlər ki, qanun layihəsi Azərbaycanda nəqliyyat sisteminin daha da inkişafına, iqtisadiyyatımızın müasir dövrün tələblərinə uyğun qurulmasına xidmət edəcəkdir. Millət vəkillərindən bu dəyişikliklərə müsbət münasibət bildirmələrini xahiş edərdim. Sözün əsl mənasında, bu qanun layihəsi bütövlükdə avtomobil nəqliyyatı sahəsini müasir tələblər səviyyəsinə çatdırmağa imkan verəcəkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, hörmətli mətbuat! “Avtomobil yolları haqqında” Qanun 1999-cu ildə qəbul edilmişdir və o müddətdən təxminən 14 ilə yaxın vaxt keçib. Keçən müddət ərzində Azərbaycan iqtisadiyyatında baş verən irəliləyişlərlə, o cümlədən bir sıra beynəlxalq əhəmiyyətli yolların çəkilməsi və istər şimal, istərsə də cənub zonalarında yollara müəyyən qədər nəzarət mexanizminin olmaması ilə əlaqədar qanuna edilən müəyyən dəyişiklikləri mən Nəqliyyat Nazirliyi tərəfindən çox vaxtında atılmış bir addım sayıram. Ümumiyyətlə, avtomobil yolları ilə əlaqədar Azərbaycanda bir sıra problemlər var və bu qanun layihəsinə edilən dəyişikliklər məhz həmin məsələlərin həll olunmasına gətirib çıxaracaqdır.
İlk olaraq qeyd etmək istəyirəm ki, qanun layihəsi faktiki olaraq bütün avtomobil yollarına aid edilir. Yalnız beynəlxalq avtomobil yolları deyil, şəhər nəqliyyatında istifadə olunan avtomobil yolları da bu qanun layihəsində əhatə edilir. Bilirsiniz ki, avtomobil yolları ilə əlaqədar bu günə olan problemlər həddindən artıq çoxdur. Xüsusilə avtomobil yolları istifadəyə verildikdən sonra orada kommunikasiya xətlərinin çəkilməsi, yenidən qazılması, o cümlədən avtomobil yollarının hərəkət istiqamətində iri qabaritli maşınların hərəkəti və sair avtomobil yollarının vaxtından qabaq sıradan çıxmasına gətirib çıxara bilir. Bu da müəyyən qədər qanunda olan boşluqlardan əmələ gəlir ki, bu dəyişikliklər də faktiki olaraq həmin boşluqları doldurur.
Yeni maddələr, o cümlədən təhkim və qorunma zolaqları ilə əlaqədar yeni anlayışlar qanun layihəsinə daxil edilmişdir. Bilirik ki, hazırda fəaliyyət göstərən avtomobil yollarının kənarlarında istənilən hakimiyyət orqanları tərəfindən müəyyən tikintilər aparılır. Bunlar “Avtomobil yolları haqqında”  Qanuna əməl edilmədən həyata keçirilir. Amma təhkim və qorunma zolaqları təyin ediləndən sonra artıq icra hakimiyyəti orqanları qanuna əməl etmək məcburiyyətində qalacaqlar və orada müəyyən məsafədə heç bir tikintinin aparılmasına icazə verilməyəcək. Nazirlər Kabinetinin qərarına əsasən faktiki olaraq avtomobil yolundan 25 metr kənarda tikinti işləri aparmağa icazə verilir. Amma mən komitənin iclasında da təklif etdim ki, indiki hal və beynəlxalq əhəmiyyətli yollar üçün 25 metr həddindən artıq azdır və bunu 50 metrə çatdırmaq lazımdır. Yəni 50 metr çərçivəsində yolun ətrafında heç bir tikinti işlərinə icazə verilməsin. Avtomobil yollarının torpaq sahələri faktiki olaraq heç vaxt özəlləşdirilə bilməz müddəası qanun layihəsində öz əksini tapıb. Yəni bunlar dövlət əhəmiyyətli yollar olduğu üçün dövlət torpaqları sayılır və orada özəlləşdirmə prosesi həyata keçirilə bilməz. Mən elə hesab edirəm ki, ümumiyyətlə, bu çox vacib bir qanun layihəsidir.
Qanun layihəsində ən ciddi məsələlərdən biri ödənişli avtomobil yollarının müəyyən edilməsidir. Bu vaxta qədər qanun layihəsində belə bir maddə yox idi. Əlbəttə, ödənişli avtomobil yollarının çəkilməsi vacibdir. Biz bilirik ki, bütün dövlətlərdə faktiki olaraq ödənişli avtomobil yolları var. Ödənişli avtomobil yollarının çəkilməsi, onun keyfiyyəti və sair qanun layihəsində öz əksini tapıb. Qanun layihəsində göstərildiyi kimi, ödənişli avtomobil yolları yalnız o halda çəkilə bilər ki, orada alternativ avtomobil yolları olsun. Əgər alternativ, yəni pulsuz avtomobil yolları yoxdursa, orada ödənişli avtomobil yolları çəkilə bilməz. Bu da qanun layihəsində öz əksini tapıb. Bununla əlaqədar bizə edilən müraciətlər həddindən artıq çoxdur.
Ödənişli avtomobil yolları avtomobil yolunun müəyyən hissəsində də çəkilə bilər. Bu o halda çəkilə bilər ki, o hissədə alternativ ödənişsiz avtomobil yolları olsun. İkincisi də, ödənişli avtomobil yolları yalnız Nazirlər Kabinetinin xüsusi qərarı əsasında çəkilə bilər. Ödənişli avtomobil yolunun çəkilməsi ilə əlaqədar məsələlər, onun ətrafında olan tikililər və sair o təqdimatda öz əksini tapmalıdır.
Bu gün avtomobil yollarının ətrafında diqqət çəkən məsələlərdən biri körpülərlə əlaqədardır. Mən bir neçə dəfə Milli Məclisdə bu məsələyə toxunmuşam. Azərbaycanda gedən tikintinin çınqılla təmin olunması üçün çaylardan çın-qıl kütləsi Bakıya daşınır və sonradan həmin körpülərin uçmasına səbəb olur. Qanun layihəsində bu məsələ də öz əksini tapıb. Körpüdən hər tərəfə bir kilometr məsafədə torpaq və çınqıl kütləsi götürmək qadağandır. Mən belə hesab edirəm ki, bu tamamilə düzgün məsələdir. Biz Qubanın timsalında bunu görmüşük. Son vaxtlar 3-4 körpü çınqılların daşınması ilə əlaqədar uçub. Ümumiyyətlə, Ziyafət müəllim, mən belə hesab edirəm ki, bu dəyişikliklər vaxtında edilmiş dəyişikliklərdir və Azərbaycanda beynəlxalq əhəmiyyətli yolların qorunub saxlanması üçün bu qanunu qəbul etmək lazımdır. Mən bu qanuna səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! “Avtomobil yolları haqqında” Qanuna edilən dəyişikliklər 1999-cu ildən 2013-cü ilə qədər keçən 14 il ərzində Azərbaycan iqtisadiyyatında gedən proseslərin yol təsərrüfatında öz əksini tapmasının məntiqi nəticəsidir. Yəni Azərbaycanda bu müddətdə neft bumu olub, onunla paralel surətdə tikinti bumu gedib və bu, infrastruktur və yol infrastrukturu bumu ilə tamamlanmalıdır. Ona görə də yol təsərrüfatının inkişaf etdirilməsi, onun keyfiyyətinin yaxşılaşdırılması istiqamətində bu addımların atılması çox vacibdir.
Mən bu qanunun tərtibatı barədə qeyd etmək istərdim. Başqa təşkilatlar da qanuna əlavə və dəyişikliklər edəndə “Avtomobil yolları haqqında” Qanuna baxsınlar və bu cür aydın, hamının başa düşdüyü dildə təqdim etsinlər.  Qara hərflərlə qeyd olunanlardan aydın şəkildə bilinir ki, hansı dəyişikliklər aparılıb. Bunu nümunə götürsünlər. Başqaları da dəyişiklikləri həmin formada tətbiq etsələr, bu, deputatlara söhbətin nədən getdiyini aydınlaşdırmaq üçün asanlıq yarada bilər.
İkinci, bu dəyişiklikləri məmnuniyyətlə qəbul edirik və onların səmərəli işləməsi üçün başqa qanunlara da dəyişikliklər edilməsini vacib hesab edirik. Əlavə məsuliyyətlərə yol açılmasını çox vacib hesab edirik.  Əgər yol tikilirsə, onunla paralel surətdə su, kanalizasiya, istilik təsərrüfatı ilə məşğul olan  təşkilatlar da özlərinin fəaliyyətini bununla əlaqələndirməlidir ki, böyük kapital, investisiyalar hesabına tikilən yol 1 aydan sonra dağıdılıb pis vəziyyətə düşməsin. Bunun üçün digər təşkilatlar da yolun yüksək səviyyədə qorunub saxlanılmasında paralel şəkildə məsuliyyət daşımalıdırlar. Qanunvericilikdə bu əlavələr edilməlidir.
Üçüncü qeyd etmək istədiyimiz məsələ gələcəkdə yol təsərrüfatında qabaqcıl texnologiyanın tətbiqi məsələlərində əlavə və dəyişikliklərə yer verilməsidir. Yüksək səviyyədə tikilən yolların qısa müddət ərzində sıradan çıxmasına səbəb olan amillərdən biri ağır  tonnajlı avtomobillərdir. Ona görə də hesab edirik ki, məhz həmin ağır tonnajlı maşınların o yollarda hərəkətinin tənzimlənməsində əlavə prosedur qaydalara əməl olunmalıdır.
İndi şəhərlərdə yol təsərrüfatının inkişafı istiqamətində görülən işlərin kəndə doğru daha sürətlə getməsindən ötrü hesab edirəm ki, büdcədə və digər fondlarda kənd yollarının inkişafı üçün əlavə tədbirlərin görülməsi, əlavə vəsaitin və kapitalın ayrılması, kənd yollarının da qısa müddətdə bərpa edilməsi istiqamətində addımların atılması vacibdir.
Deyəcəyim digər məsələ isə ödənişli yollarla bağlıdır. Bu çox aktual məsələ olduğuna görə bunun üzərində bir qədər dayanmaq istərdim...
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, xahiş edirəm, sakitliyə riayət edək. Gəlin, qulaq asaq, həmkarımız çıxış edir. Buyurun, davam edin.
Ə.Məsimli. Ödənişli yollar Amerika Birləşmiş Ştatlarında, Avropada, Cənub-Şərqi Asiyanın inkişaf etmiş ölkələrində geniş yayılıb. Mən bununla bağlı bəzi statistikanı nəzərinizə çatdırmaq istərdim. Burada bəzən anlaşılmazlıqlar yaranır. Məsələn, ən çox ödənişli yollarla əhatə olunan ölkələrdən biri Xorvatiyadır. Ödənişli yollar bütün yolların 3,3 faizini əhatə edir. Türkiyədə cəmi 1000 kilometr ödənişli yol var ki, bu da bütün yolların 0,2 faizini təşkil edir.
Həmin yollar o sahələrdə olmalıdır ki, onun alternativi olsun. Yəni sürücü həm ödənişli yoldan, həm də onun alternativindən istifadə edə bilsin. Çində və bəzi ölkələrdə alternativi olmayan yollar var. Bu, müəyyən dərəcədə problem yarada bilər. Ona görə də bu qanunda ödənişli yolların  mütləq alternativinin olması məsələsinin xüsusi qeyd edilməsini müsbət hesab edirəm. Bu, Azərbaycan üçün  çox vacibdir.
Ödənişli yolların çəkilməsində hansı vəsaitdən istifadə edilməsi də hesab edirəm ki, əlavə və dəyişikliklərdə öz əksini düzgün tapıb. Burada dövlət tərəfdaş kimi iştirak edə bilər. Özəl sektorun pulundan, vəsaitindən istifadə etmək mümkündür. Bir də, beynəlxalq təşkilatlar və qurumların  vəsaitlərindən istifadə etməklə ödənişli yollar salmaq olar.
Amerika Birləşmiş Ştatlarında ödənişli yollardan istifadə yarım dollardan 15 dollara qədərdir. Məsələn, ən yaxşı ödənişli yolları olan İspaniyada isə bu bir qədər yüksək – 20-30 avro məbləğindədir. Mən Amerika Birləşmiş Ştatlarının və İspaniyanın rəqəmlərini dedim. Azərbaycanda isə inkişafın səviyyəsindən və əhalinin gəlirləri faktorundan çıxış etsək, bizim yollarda bu vəsait müəyyən qədər aşağı olmalıdır.
Ziyafət müəllim, ödənişli yollar həm yol infrastrukturunun inkişafı, həm sürət və keyfiyyət, həm təhlükəsizlik, həm də benzinə, vaxta, pula qənaət etmək deməkdir. Ödənişli yollardan istifadə edən həm benzinə, həm puluna qənaət edəcək, həm də maşını gec sıradan çıxacaq. Bütövlükdə “Avtomobil yolları haqqında” Qanuna edilən dəyişiklikləri müsbət qiymətləndiririk və bunun səmərəli işləməsi üçün qeyd etdiklərimizin də qanunvericilik sənədlərində öz əksini tapmasını vacib hesab edirik.  Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlarım, hörmətli qonaqlar! Məndən öncə çıxış edən həmkarlarım kimi mən də hesab edirəm ki, qanunvericilik təşəbbüsü ilə daxil olan Avtomobil yolları haqqında qanun layihəsi çox vaxtında təqdim edilib. Bunu ona görə qeyd edirəm ki, artıq bu çox aktual bir məsələdir. Cənab Prezidentimiz dəfələrlə Azərbaycanın avtomobil yollarının dünya standartlarına cavab verən səviyyədə qurulması haqqında bəyanatlar vermişdir.  Hesab edirəm, ölkədə uğurla həyata keçirilən layihələr bizə imkan verir ki, bu sözləri deyək, bu sahədə qanunlarımızı daha da təkmilləşdirək və dünya standartlarına uyğunlaşdıraq.
Elə müzakirəmizə təqdim olunan qanun layihəsinin preambulasına nəzər salsaq, bütün qeyd etdiklərimi görərik. O zamanlar qanunvericilikdə yolların qorunması haqqında məsələ öz əksini tapmamışdırsa, bu gün artıq qanunvericilik aktlarında bunlara rast gəlirik və bunlar da qeyd etdiyim kimi, zamanın tələblərinə uyğundur.
Ümumiyyətlə, cənab Prezidentin rəhbərliyi ilə ölkədə gedən uğurlu islahatlar bütün sahələri əhatə edir. Beləliklə, biz mütəmadi olaraq sahə qanunlarında əlavə və dəyişikliklər edirik ki, mövcud problemlər həll olunsun, qanunların işlək mexanizmi olsun və Azərbaycanın bütün sahələri qanuna söykənərək  inkişaf etsin.
Qanun layihəsi ilə bağlı bir təklifimi səsləndirmək istərdim. Məlum olduğu kimi, sovetlər dönəmində avtomobil yollarının bölgüsü aparılarkən avtomobil yolları ümumdövlət, respublika və yerli əhəmiyyətli yollara bölünürdü. Azərbaycan Respublikası  müstəqillik qazanandan sonra bütün sahələrdə olduğu kimi, nəqliyyat sahəsində də yeni münasibətləri tənzimləyən bir çox qanunvericilik aktları qəbul edildi. Hazırda qüvvədə olan “Avtomobil yolları haqqında” Qanunda əhəmiyyətinə görə avtomobil yolları respublika, yerli və sahə avtomobil yollarına bölünür. Yeni dəyişikliyə əsasən “şəhər avtomobil yolları” adlı anlayışın “Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununa daxil edilməsi təklif edilir. Bu da öz növbəsində  düşünürəm ki, çox əhəmiyyətli və zəruridir.
Qeyd etmək istərdim ki, Sovet İttifaqı dövründə ayrı-ayrı respublikalar SSRİ-yə daxil olduğundan “respublika əhəmiyyətli avtomobil yolları” termininin seçilməsi uğurlu hesab edilirdi. İndi isə belə bir terminin qanunvericilikdə öz əksini tapması qüsurlu görünür. Bu məqsədlə qanunda “respublika əhəmiyyətli avtomobil yolları” sözlərinin “dövlət əhəmiyyətli  avtomobil yolları” ifadəsi ilə əvəz edilməsi, fikrimcə, daha məntiqli və əsaslı olardı. Göstərilənləri nəzərə alaraq  “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda işlədilən “respublika əhəmiyyətli avtomobil yolları” sözlərinin “dövlət əhəmiyyətli avtomobil yolları” sözləri ilə əvəz edilməsini, habelə dövlət avtomobil yollarının tərkibinə “şəhər avtomobil yolları” sözlərinin daxil edilməsini təklif edirəm.
Ümumilikdə, hörmətli Ziyafət müəllim, hesab edirəm ki, müəyyən müzakirədən sonra təqdim olunan qanun layihəsini qəbul etmək olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən.  Sağ olun. Fərəc Quliyev.
F.Quliyev.  Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də bu qanunun çox mükəmməl olduğunu görür və hesab edirəm ki,  başqa qanunlar kimi bu qanunumuz da həyata keçməsə, yollar çox bərbad bir vəziyyətə düşə bilər. Çünki burada çox gözəl, mütərəqqi qanunlar qəbul edirik. Amma icra orqanları bəzən onlara əməl etmirlər. 
Mən nəyə görə deyirəm? Bizdə çox gözəl yollar salınıb. Son  illər Azərbaycanda çəkilən yollar, tikilən körpülər bütövlükdə Qafqazda olmayıbdır. Çox gözəl  yol ötürücülərimiz, genişləndirilmiş yollarımız var. Bunlar hamısı əhəmiyyətli məsələlərdir. Yol mədəniyyətdir. İnsan hər gün yoldan istifadə edir. Gəl ki, biz yolları  bərpa etməyimizlə bərabər, həm də onları dağıtmaqla məşğul oluruq. Bayaq burada deputat yoldaşlarımız qeyd etdilər. Yol çəkilişinin üstündən bir müddət keçəndən sonra onu təzədən sökür, kanalizasiya xətti çəkirlər. Bir də bərpa olunur, bir də sökürlər, elektrik xətti çəkirlər. Bir də sökür, yeraltı keçid düzəldirlər. Hesab edirəm, bu işləri bir mərkəzdən əlaqələndirmək lazımdır.  Bu bizimkidir, israfçılığa görə maddələr var. Hesab edirəm ki, bir neçə  adam cəzalandırılsa, çox böyük miqdarda vəsaitin dəfələrlə xərclənməsinə gətirib çıxaran belə hallara yol verilməz.
Bu qanun layihəsində deyilir ki, ödənişli avtomobil yolları dövlət mülkiyyətində olan yerli və respublika əhəmiyyətli avtomobil yollarının, həmçinin ümumi istifadədə olan bələdiyyə və özəl avtomobil yollarının əsasında yaradılır. Düşünürəm ki, ödənişli yollar dövlət mülkiyyətində olan yerli  və respublika əhəmiyyətli mövcud avtomobil yolları əsasında yox, yalnız özəl yollar və özəl şirkətlərin bundan sonra salacağı yollar əsasında yaradılmalıdır. Çünki  dövlət əhəmiyyətli yollar dövlətin vətəndaşlarının cibi hesabına salınmış yollardır. Onları ödənişli etməyin yeri yoxdur. 
Dənizdən çəkiləcək tunellə bağlı bir layihə var. Mənim çox əhəmiyyət verdiyim bir layihədir, gözəl bir yoldur. Deyək ki, bu, vəziyyəti asanlaşdırır. Özəl şirkətlər də buna oxşar  böyük layihələr həyata keçirib ödənişli yollar inşa edə bilərlər. Amma mövcud olan yolları ödənişli yollara çevirmək kimi sui-istifadələrə yol verilməsin. Mən düşünürəm ki, əgər dövlət büdcəsi hesabına salınmış avtomobil yollarının ödənişli olmasına, bir də israfçılığa yol verilməsə, bu mükəmməl layihə gələcəkdə bizim yollarla bağlı olan  bütün problemləri aradan qaldırmaq imkanı verəcək.  Mən bu layihəyə səs verəcəyəm. Təşəkkür edirəm.
V.Ələsgərov. Sağ olun. Fərəc müəllim, çox üzr istəyirəm, dediniz ki, dövlət yolunu çevirib özəlləşdirərlər və sair. Harada yazılıb ki, bu qanun belə imkan yaradır? Bu heç ağla da gələ bilməyən bir şeydir. Sözünüzü təsdiq edən maddəni oxuyun, xahiş edirəm.
F.Quliyev. Əvvəla, mən...
Sədrlik edən. Mübahisə etməyək. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də deputat həmkarlarım kimi, hesab edirəm ki, bunlar vaxtında hazırlanmış dəyişikliklərdir. Bu dəyişikliklərin sayı o qədər çoxdur ki, hətta əsas qanun layihəsinə bənzəyir. Mən hesab edirəm ki, bu müddəalar həyata keçirilsə, Azərbaycanda avtomobil yolları Avropa standartlarına cavab verən yollar olacaq.
Bu gün Azərbaycanda avtomobil yolları çəkilir yox, tikilir desək, daha düzgün olar. Çünki indi bizdə bu yolların çəkilişi, doğrudan da, çox fundamental, əsaslı qaydada həyata keçirilir. Amma təəssüf ki, hər yerdə, xüsusilə də Mil–Muğan zonasında yolların keyfiyyəti eyni deyil. Bilirsiniz ki, orada qrunt sularının yer səthinə yaxın olması, torpağın çökməsi və sair kimi hallar olur. Yol çəkilərkən, görünür, orada konstruksiyaları möhkəmlətmək lazımdır.
Digər tərəfdən, Nəqliyyat Nazirliyinin kifayət qədər qüvvəsi var. Nazirliyin Nəqliyyat Müfəttişliyi də nəzarəti gücləndirməlidir. Həqiqətən, yollar əgər 16 və ya 20 tona hesablanıbsa, normadan hətta iki dəfə artıq yüklənmiş maşınların hərəkəti bu yolların keyfiyyətinə və onların uzun müddət lazımi səviyyədə qalmasına neqativ təsir göstərir. 
Bundan başqa, mən hesab edirəm ki, yol çəkilişi zamanı asfaltın hazırlanmasında texnoloji rejimin mükəmməl gözlənilməsi də yolun keyfiyyətinə müəyyən qədər təsir edir. Bu baxımdan hesab edirəm ki, hər şey qaydasındadır.
Burada mənim bir iradım var. Bəlkə də bu, arzumdur, təklifimdir. Layihədə qrammatik səhvlər var. Məsələn, “mühəndisi qurğular”. Mühəndisi qurğular, bilmirəm, necə səslənir, amma əslində “mühəndis qurğuları” olmalıdır. Qrammatik cəhətdən bu kimi bir sıra xırda səhvlər var. Onlar aradan qaldırılmalıdır.
Sonra, yolların bilərəkdən və ya bilməyərəkdən zərərli hala salınması üçün sanksiyalar nəzərdə tutulur. Bunlar da həyata keçirilsə, yaxşı olar.
Ümumiyyətlə, avtomobil yolları, yol ötürücüləri, körpülər, doğrudan da, müasir səviyyəyə, beynəlxalq standartlara uyğun surətdə inşa olunur. Gələcəkdə də bu proses davam edəcəkdir. Çünki bildiyiniz kimi, Prezident cənab İlham Əliyev Azərbaycanda yolların lazımi səviyyədə olmasına çox diqqət yetirir.
Yol bilirsiniz nədir? Məsələn, hər hansı bir ölkədən gələn qonaq aeroportda gəlib düşdü, ilk növbədə yola baxır, yolun keyfiyyətinə fikir verir, sonra bizim daxili mədəniyyətimizə, digər işlərimizə qiymət verir. Bu cəhətdən də, Allaha şükür, aeroport yolu bilirik ki, nə səviyyədədir.
Bir mühüm məsələni də qeyd edim. Yolun təhlükəsizliyi adlı bir termin var. Bu, yolun qorunmasıdır. Çünki Azərbaycanda, xüsusilə də dövlət əhəmiyyətli yolların əksəriyyəti kəndlərdən, şəhərlərdən və digər sahələrdən   keçir. Ona görə də burada yolun təhlükəsizliyi ilk növbədə təmin olunmalıdır. Diqqətinizə görə sağ olun. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm.
Sədrlik edən. Astan müəllim, çox sağ olun, təşəkkür edirəm. Amma Siz bir ifadə işlətdiniz. Mən ona öz münasibətimi bildirmək istəyirəm. Biz, ümumiyyətlə, hər hansı bir bina tikərkən, park salarkən, körpü və ya yol inşa edərkən nədənsə ilk növbədə gələn qonaqları düşünürük. Halbuki biz bunları qonaq üçün yox, öz millətimiz, xalqımız, öz rahatlığımız, mədəniyyətimiz üçün tikirik.  Qonaq gələr, özü bilər, bəyənər, bəyənməz. Əsas odur ki, bunu mənim xalqım bəyənsin. Ona görə xahiş edirəm, ifadələrimizdə bir az diqqətli olaq. Çox üzr istəyirəm, ağsaqqalsınız, mən Sizə irad tutmuram. Sadəcə olaraq, bu fikir bəzən çıxışlarda xüsusi vurğulanır. Təkcə burada, parlamentdə deyil, mətbuatda da nədənsə qonaqlara çox üstünlük veririk və çox üstünlük verəndə qonaqlar da, bilirsiniz də, gəlirlər, çörəyimizi yeyirlər, suyumuzu içirlər, sonra gedib Azərbaycan haqqında nə danışırlar. Ona görə xahiş edirəm, bu məsələlər haqqında danışanda unutmayaq ki, nə ediriksə, hər şeydən əvvəl özümüz üçün, öz millətimiz üçün, öz xalqımız üçün edirik. Gülçöhrə Məmmədova, buyurun.
G.Məmmədova. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də çıxış edən deputat həmkarlarım kimi, bu qanuna edilən dəyişiklikləri alqışlayır və hesab edirəm ki, bunlar düzgün və aktual dəyişikliklərdir.
Bir neçə maddə ilə bağlı fikrimi bildirmək istəyirəm. Avtomobil yollarının torpaq sahələrində tikilmiş obyektlər barədə olan maddə, hesab edirəm ki, çox düzgün bir maddədir. Doğrudan da, indi zolaqlarda qanunsuz tikililərə çox rast gəlirik. Onlar, əlbəttə ki, sökülməlidir. Lakin bunu da nəzərə almaq lazımdır ki, bir sıra avtomobil yollarımızın genişlənməsi, yenidən qurulması nəticəsində vaxtilə yoldan kənarda qanuni olaraq tikilmiş bir sıra obyektlər, tikililər indi artıq avtomobil yoluna mane olan zolağa düşüblər. Əlbəttə, onların sökülməsi vacibdir. Lakin bu halda, yəqin ki, o sahibkarların da hüququ nəzərə alınmalıdır. Belə obyektlər çoxdur. Hətta Bakı şəhərində və onun ətrafında da biz bunu görürük ki, yol genişləndirilib və obyektin qarşısında olan pilləkən, demək olar ki, artıq gəlib yola çatıb. Onların sökülməsi qanunvericilik çərçivəsində nəzərə alınmalıdır.
Alternativ yolların tikilməsi  barədə maddə çox düzgündür və lazımdır. Bütün dünyada pullu yollar, ödənişli yollar var və Azərbaycanın da bugünkü inkişaf mərhələsi belə yolların tikilməsi və istifadə olunmasına şərait yaradır. Lakin bu zaman alternativ yolların tikilməsi çox vacibdir. Mənə elə gəlir ki, alternativ yolun da bir təsnifatını vermək, alternativ yola verilən tələbləri də müəyyənləşdirmək lazımdır.  Alternativ yol ödənişli yoldan iki dəfə, üç dəfə, dörd dəfə uzun olmamalı, yararsız vəziyyətdə olmamalıdır. Yəni doğrudan da, o, alternativ olmalıdır ki, imkanı olmayan insanlar o yoldan istifadə etsinlər.
Sonra, burada avtomobil yollarının vahid dövlət reyestrinin yaradılması barədə çox yaxşı bir maddə var. Düşünürəm ki, belə bir reyestrin yaradılmasının vaxtı çoxdan çatıb və belə bir informasiya bazasının yaradılması, yəqin ki, yaxın gələcəkdə naviqasiya sisteminin istifadə olunmasına şərait yarada biləcək.
İnformasiyadan söz düşmüşkən, bir şeyi də demək istəyirəm. Mənə elə gəlir ki, tikilən yollarımızın qüsurlarından biri yollarda informasiya lövhələrinin həddindən artıq az olmasıdır. Bakı şəhərində və onun  ətrafında olan yollar istisna olmaqla, rayonlarımızda olan yollarda informasiya həddindən artıq azdır, kəndlərin adı göstərilmir, məsafələr göstərilmir. Düşünürəm ki, buna da diqqət yetirmək lazımdır.
Layihədə avtomobil yollarının qorunma zolaqlarında yolkənarı xidmət obyektlərinin yerləşdirilməsi barədə də maddə var. Bu maddəni də mən çox vacib hesab edirəm. Düşünürəm ki, bunun da bir sistemi olmalıdır, avtomobil yollarının kənarlarında yerləşdirilməli olan obyektlərin siyahısı olmalı və müəyyənləşdirilməlidir ki, bunlar hansı məsafədən bir olmalıdır. Bunlar hamısı yollarımızın düzgün istifadə olunması üçün yaxşı şərait yarada bilər.
Qanuna “Avtomobil yollarında təhlükəsizliyin təmin edilməsinin ümumi əsasları və şərtləri” adlı V fəsil əlavə olunub. Çox vacib bir fəsildir. Demək olar ki, hər gün avtomobil yollarımızda baş verən faciələrdən, çoxsaylı qəzalardan məlumat aldığımızı nəzərə alsaq, bu fəslin qəbul edilməsi və həyata keçirilməsi çox aktualdır.
Bununla bağlı mən piyadalar üçün yaradılan şəraitə də diqqətinizi cəlb etmək istəyirəm. Çox təəssüf ki, bizim çəkdiyimiz yeni, geniş, gözəl yollarda çox hallarda piyada keçidləri nəzərə alınmır və bu da böyük qəzalara, faciələrə şərait yaradır. Yeraltı, yerüstü piyada keçidlərinin olması mütləq nəzərə alınmalıdır.
Sovet dövründə şəhərlər planlaşdırılanda onların ətrafında dairəvi yollar nəzərdə tutulurdu. Amma sonra o şəhərlər, kəndlər inkişaf etdi və gəldi dairəvi yola çatdı. Bəzi yerlərdə hələ dairəvi yolun o biri tərəfinə də keçib. Bu, demək olar ki, respublikanın bütün kiçik şəhərlərində müşahidə olunan bir haldır. Bu gün həmin yolların çox hissəsi kəndlərin, şəhərlərin içərisindən keçir. Divarlar çəkməklə biz problemi həll etmirik. Çünki yenə də insanlar o divarın bu tərəfindən o tərəfinə keçmək ehtiyacı qarşısında qalırlar. Bunu nəzərə almaq lazımdır.
Mən qanuna edilən dəyişikliklərin hamısını alqışlayıram, qanuna səs verəcəyəm və millət vəkillərini də buna dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Gülçöhrə xanım. Hörmətli deputat həmkarlarım, qanun layihəsi, həqiqətən, çox yüksək səviyyədə hazırlanıb. Bayaqdan çıxış edənlərə qulaq asıram. Demək olar ki, hamı qanun layihəsi haqqında çox yüksək fikirdədir. Bizim digər qanun layihələrimiz də var. Əgər təkid edən yoxdursa...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim, təkid edirsiniz? Başqa təkid edən yoxdur? Onda mən Fəzail müəllimə söz verim, bununla da müzakirələri yekunlaşdıraq. Buyurun, Fəzail müəllim. 
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Əlbəttə, hörmətli həmkarlarımızın təqdim olunmuş qanun layihəsi ilə bağlı söylədikləri fikirlərin mütləq əksəriyyəti ilə mən də razıyam. Təbii ki, bu qanunun qəbul edildiyi 1999-cu ildən keçən zaman kəsiyində Azərbaycanda yol təsərrüfatı yüksək səviyyədə inkişaf edib və inkişaf etdikcə də müəyyən problemlərlə üzləşib. Bu problemlər  bir tərəfdən qanunda mövcud olan boşluqlarla, başqa bir tərəfdən isə qanuna və yol təsərrüfatına aqressiv, biganə və dağıdıcı münasibətin olması ilə izah olunur. Ona görə də düşünürəm ki, təqdim edilmiş bu qanun layihəsinin fəlsəfəsi avtomobil yol təsərrüfatına bu cür münasibətin aradan qaldırılması və onun qorunmasının təmin edilməsindən ibarətdir.
Hansı bir mənzərənin şahidi oluruq? Bir tərəfdən külli miqdarda vəsait ayrılaraq yüksək səviyyəli, müasir standartlara cavab verən yollar çəkilir, başqa bir tərəfdən isə hansısa bir şirkətin iritonnajlı yük maşınları həmin yolları bərbad günə qoyur. Bilmirəm, yaxın vaxtlarda siz Bakı–Quba yolu ilə getmisinizmi? O bir neçə il bundan qabaq hansı səviyyədə  idi, indi hansı vəziyyətdədir. Onun indiki bərbad vəziyyəti, əlbəttə, yol təsərrüfatına biganə, aqressiv münasibətin nəticəsidir və bu, vətəndaş mövqeyi deyil. Həmin şirkətə qarşı hər hansı bir sanksiya tətbiq ediləndə onun sahibləri ən müxtəlif yollarla vəziyyətdən çıxmağa çalışır və özlərinə bəraət qazandırmaq üçün yol təsərrüfatlarını ittiham edirlər. Bu bir daha sübut edir ki, yollara vətəndaş münasibətində ciddi problemlərimiz var.
Bütün bunların qarşısını almaq üçün bu qanuna əlavələr və dəyişikliklər edilmişdir. Mən onları bir-bir sadalayıb sizin vaxtınızı almaq istəmirəm. Bütövlükdə əlavələrin hər biri avtomobil yollarının qorunmasına, yenidən qurulmasına, səmərəli istismar olunmasına, təhlükəsizliyinin təmin  edilməsinə, yol təsərrüfatına daxil olan torpaq sahələrindən qanunsuz istifadə edilməsinin qarşısının alınmasına xidmət edir.
Təklif edərdim ki, yaşayış məntəqələrinin ərazisindən keçən magistral yollarda yalnız insanların deyil, heyvanların keçməsi üçün də yeraltı keçidlər açılsın. Məsələn, Şamaxıdan Şəkiyə qədər yüksək səviyyədə magistral yol çəkilibdir. Bu, Bakını Şəki ilə, Qaxla, Balakənlə birləşdirən ən əlverişli və qısa yoldur. Lakin o bir çox yaşayış məntəqələrindən keçdiyinə görə, bir də görürsən, yolun üstündə böyük mal sürüsü yatıb, onu bərbad vəziyyətə qoyur.  Ona görə bunlar da nəzərə alınmalı, belə yollara xüsusi məhdudlaşdırıcı zolaqlar qoyulmalı və heyvanların da bu yollardan keçməsi üçün keçidlər nəzərdə tutulmalıdır.
Bakı  ilə bağlı təklifim var. Əslində, mən elə daha çox buna görə təkid etdim. Bakıda elə prospektlər var ki, onları, sadəcə olaraq, genişləndirmək mümkün deyil. Neftçilər prospektini genişləndirmək mümkün deyil, çünki bir tərəfi tarixi binalardır, bir tərəfi də dənizkənarı parkdır. Azərbaycan prospektini, digər bu cür prospektləri də genişləndirmək mümkün deyil. Yaponiyanın bu sahədə çox gözəl təcrübəsi var. Onlar belə yerlərdə yüngül konstruksiyalardan bir neçə mərtəbəli yollar tikirlər. Mən düşünürəm ki, biz bu təcrübədən istifadə etməklə Bakı yollarında olan tıxacları aradan qaldırar, yol problemlərini xeyli dərəcədə həll edərdik.
Bütövlükdə, mən də həmkarlarım kimi bu qanun layihəsini yüksək qiymətləndirirəm və ona səs verəcəyəm. Vaxtınızı aldığıma görə üzr istəyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər etiraz yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.32 dəq.)
 Lehinə  109
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  109
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Adı çəkilən qanun layihəsində nəzərdə tutulan dəyişikliklər çox vacib dəyişikliklərdir və bu dəyişikliklərin edilməsi ölkənin maliyyə bazarının daha da genişlənməsinə, təkmilləşməsinə xidmət edəcəkdir.  Son illər ərzində ölkənin sığorta bazarının daha səmərəli tənzimlənməsi ilk növbədə qanunvericiliyin köklü surətdə təkmilləşdirilməsi ilə əlaqədardır. Bilirsiniz ki, Milli Məclis  son illərdə ölkədə sığorta fəaliyyətinin təkmilləşdirilməsi üçün bir neçə qanun qəbul etmiş və bu qanunların qəbul edilməsi Azərbaycanın sığorta bazarında müsbət meyllərin güclənməsinə imkan vermişdir.
Bir neçə faktı deyəcəyəm. 2012-ci ildə sığorta müqavilələri üzrə toplanmış sığorta haqlarının həcmi 350 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəricisindən 60 faiz, 2010-cu ilin göstəricisindən isə 2,2 dəfə çoxdur. Adambaşına düşən sığorta haqlarının orta məbləği 37 manat,  sığorta haqlarının  qeyri-neft ümumi daxili məhsuldakı xüsusi çəkisi isə 1,2 faizə çatmışdır. Bu göstəricilərə görə Azərbaycan MDB məkanında Rusiya, Ukrayna, Belarus və Qazaxıstandan sonra 5-ci yeri tutur.
Xatırlayırsınızsa, 3 il bundan qabaq mən Milli Məclisdə millət vəkillərinə bu göstəricilər barədə məlumat verərkən qeyd etmişdim ki, bütün bu göstəricilərə görə Azərbaycan Respublikası keçmiş sovet respublikaları arasında axırıncı yerlərdən birini tutur.  Qısa müddət ərzində belə bir müsbət dinamika, şübhəsiz ki, Milli Məclis tərəfindən  sığorta fəaliyyəti ilə əlaqədar olaraq qəbul edilmiş qanunların icrası, hökumətin, Maliyyə Nazirliyinin, eyni zamanda, sığorta sistemi ilə məşğul olan təşkilatların müstəsna fəaliyyəti ilə əlaqədardır. 
Keçən il ərzində həyatı, sağlamlığı və əmək qabiliyyəti sığortalanmış şəxslərin sayı 1,8 milyon nəfər təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəricisindən 17 faiz çoxdur. 2012-ci ildə könüllü və icbari qaydada sığortalanmış avtomobillərin sayı 1 milyondan artıq olmuşdur ki, bu da 2011-ci ilin göstəricisindən 78 faiz çoxdur. Daşınmaz əmlakın sığortası üzrə ötən il 233 min  yaşayış evi, mənzil və qeyri-yaşayış sahəsi sığortalanmışdır ki, bu da 2011-ci illə müqayisədə 43 faiz çox olmuşdur. Bu rəqəmlər bir daha göstərir ki, Azərbaycanda sığorta mədəniyyəti artır. Sığorta  bazarı inkişaf etdikcə Azərbaycanın investisiya imkanları da genişlənir.
Eyni zamanda, bu prosesin daha da davamlı və keyfiyyətli olması üçün əlavə tədbirlərə ehtiyac vardır.  Təhlillər nəticəsində müəyyən edilmişdir ki,  “İcbari sığortalar haqqında” Qanunda nəzərdə tutulmuş elektron informasiya sisteminin tətbiq edildiyi tarixdən icbari sığorta müqavilələrinin bağlanmasının operativliyi və şəffaflığı xeyli artmış, ümumilikdə sözü gedən informasiya sistemi özünü doğrultmuşdur. 
Qeyd olunan qanunda informasiya sisteminin tətbiqinin məcburiliyi yalnız avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına şamil edilir. Bununla belə, həmin sistemin texniki imkanları digər icbari sığorta növlərində də elektron üsullardan istifadə edilməsinə imkan verir. Qeyd olunanlar nəzərə alınaraq qanundan avtonəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə informasiya sisteminin yaradılması və fəaliyyətini tənzimləyən 59–62-ci maddələrin çıxarılması, əvəzində isə ümumi hissəyə bütün icbari sığorta növləri üzrə müqavilələrə dair statistik və digər məlumatları ehtiva edən vahid elektron informasiya sisteminin yaradılmasını  nəzərdə tutan 34.1–34.4-cü maddələrin əlavə edilməsi təklif edilir.
Bu gün sığortaçı ödəmə qabiliyyətinin olmamasına görə sığorta ödənişini yerinə yetirə bilmədikdə, icbari sığorta bürosu kompensasiya ödənişləri həyata keçirir. Bilirsiniz ki, qanunun tələblərinə görə yaradılmış icbari sığorta bürosu lazım gəldikdə kompensasiya məsələlərini həll etməyə imkan verir. Lakin belə bir təminat sistemi hazırda istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə-əmək qabiliyyətinin itirilməsi hallarında “İcbari sığorta haqqında” Qanunda nəzərdə tutulmuş icbari sığorta növü ilə bağlı tətbiq edilmir.  Bu isə sığorta şirkətinin müflis olacağı halda, qeyd olunan qanuna görə sığortaçıların və sığorta olunanların maraqlarının ciddi pozulmasına şərait yaradır, sistemin normal fəaliyyətinin təmin edilməsi imkanlarını azaldır. Bu məqsədlə qanunun 27-ci və 32-ci maddələrində müvafiq dəyişikliklərin edilməsi təklif olunur. Bundan əlavə, qanunda sığorta ödənişinin verilməsi üçün sənədləşdirmənin təkmilləşdirilməsi məqsədi ilə bir sıra tədbirlər nəzərdə tutulur.
“İcbari sığortalar haqqında” Qanunun tətbiqi zamanı təcrübədə meydana çıxan digər bir çətinlik də xarici ölkədə qeydiyyata alınmış və Azərbaycan Respublikasına tranzit məqsədi ilə daxil olan avtonəqliyyat vasitələri ilə bağlı icbari sığorta müqavilələrinin müddətinə qanunun 55-ci maddəsində 1 aylıq məhdudiyyətin qoyulması ilə bağlıdır. Bir çox avtomobil nəqliyyatı vasitələrinin 1 il ərzində dəfələrlə ölkəyə tranzit məqsədi ilə daxil olması hər dəfə yeni sığorta müqaviləsinin bağlanması faktı ilə müşahidə olunur.   Bu problemi aradan qaldırmaq üçün ölkəyə il ərzində bir neçə dəfə daxil olan tranzit avtonəqliyyat vasitəsini idarə edən sığortalılara öz seçimləri ilə 1 il müddətində icbari sığorta bağlamaq imkanı verən dəyişiklik təklif edilir. Həmçinin 1 ay müddətində bağlanmış icbari sığorta müqavilələri üzrə illik sığorta haqqının 25 faizə endirilməsi  məqsədəuyğun hesab edilir.
Qanunun 58.2-ci maddəsində sığorta ödənişinin həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən yol-nəqliyyat hadisəsi haqqında verilən arayışın tələb olunmadığı hallar sadalanmışdır. Bu hallardan biri də yol-nəqliyyat hadisəsində ikidən artıq olmayan avtonəqliyyat vasitəsi iştirak etdikdə onların hər ikisinin sahibləri tərəfindən mülki məsuliyyətin icbari qaydada sığortalanmış olmasıdır. Lakin hadisə zamanı avtonəqliyyat vasitələrindən birinin icbari sığortasının mövcud olmaması digərinin vəziyyətini ağırlaşdırdığı üçün təcrübədə bu tələb özünü doğrultmamışdır. Buna görə də 58.2.1-ci maddənin sığorta hadisəsində iştirak edən hər iki avtonəqliyyat vasitəsi sahiblərinin icbari sığorta şəhadətnaməsinə malik olmasını nəzərdə tutan müvafiq hissəsinin çıxarılması təklif edilir.
Qanun layihəsi İqtisadi siyasət komitəsində müzakirə edilmiş və komitənin üzvləri birmənalı şəkildə bu qanunun dəstəklənməsini vacib saymışlar. Çünki belə bir qanunun qəbulu sığorta bazarını xarakterizə edən bayaq sadaladığım göstəricilərin daha da yaxşılaşdırılmasına, daha dinamik olmasına imkan verəcəkdir. Millət vəkillərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Vahid Əhmədov, buyurun.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Bu layihə ilə əlaqədar mənim iki sualım var. Birinci sualım qanuna əlavə olunmuş 8.1.1-ci maddə ilə bağlıdır. Burada deyilir ki, “icbari sığorta müqaviləsi yalnız bu Qanunda nəzərdə tutulmuş informasiya sistemi vasitəsilə bağlandığı və həmin sistemin informasiya ehtiyatında mövcud olduğu halda etibarlıdır”. Niyə yalnız informasiya sistemində? Bəlkə elə müqavilə var ki, informasiya sisteminə daxil edilməyib. O necə olacaq? Yəni rayonlarda bu informasiya sistemləri o qədər dəqiq qurulmayıb axı. Onda o müqavilə qəbul olunmur?
İkinci sualım yeni redaksiyada verilən 35.3.4-cü maddə ilə bağlıdır. Burada deyilir ki, özbaşına tikinti sayılan daşınmaz əmlak icbari sığorta oluna bilməz. Azərbaycanda bu gün özbaşına tikilmiş 400 minə yaxın ev var ki, sənədləri yoxdur. İlk növbədə sığorta olunmalı olan obyektlər elə həmin evlərdir. Biz niyə o evləri icbari sığortadan kənarda qoyuruq? Mən yenə deyirəm, sığorta olunmalı əsas evlər elə onlardır. Çünki onlarda istənilən vaxt fors–major halı, məsələn, yanğın baş verə bilər. Bu iki suala mən aydınlıq gətirilməsini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid müəllim, yəqin, Sizin birinci sualınıza cavab verəcəklər. Amma ikinci sualla bağlı mən öz fikrimi bildirmək istəyirəm. Əgər ev qanunsuz tikilibsə, biz onu icbari sığortaya necə cəlb edə bilərik? Bu, gərək qanuni olsun ki, biz onu qanunla icbari sığortaya cəlb edək. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Ziyafət müəllim, mənim Siz də daxil olmaqla rəyasət heyətinin qanunları yaxşı bilən çox kübar insanlardan ibarət olduğuna heç bir şübhəm yoxdur və hər birinizə böyük hörmətim var. Bizi media izləyir. Mənim burada müxalifətdən olan bir adam kimi mütəmadi olaraq  hər bir şeyə fikir bildirmək haqqım vardır və hər şeyə də qanunlar çərçivəsində münasibət bildirirəm. Hörmətli Valeh müəllimin yadına salmaq istəyirəm ki, onun oxumadığı və haqqında soruşduğu maddə 19-1-ci maddədir. Qanunları oxumaq lazımdır. Hətta mən bir şeyi səhv desəm belə...
Sədrlik edən. O məsələ bitdi də. Siz fikrinizi dediniz. Aydın oldu. Çox sağ olun. Mübariz Qurbanlı. Buyurun.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən bu qanun dəyişikliklərinə tərəfdaram və hesab edirəm ki, icbari sığorta sahəsində təklif olunan bu dəyişikliklər bütövlükdə Azərbaycan vətəndaşlarının mənafelərinə uyğundur.
Bütün dünyada sığorta sahəsində çox ciddi irəliləyişlər əldə edilibdir. Azərbaycan da müstəqillik qazandıqdan sonra sığorta sahəsində müəyyən qanunlar qəbul edibdir və bu qanunların işləməsi sayəsindədir ki, biz bir sıra sahələrdə vətəndaşlara vurulmuş ziyanı ödəmək imkanı əldə edə bilirik. Heç kəs təbii fəlakətlərdən, bu və ya digər qəzadan sığorta olunmayıb. Ona görə də Azərbaycanda sığorta sahəsində ciddi irəliləyişə nail olmaq üçün bu dəyişikliklər əhəmiyyətli rol oynayacaq.
Lakin sığorta sahəsində biz təşviqat işinə xüsusi diqqət yetirməliyik. Azərbaycan vətəndaşlarının bir çoxu sığorta haqqında qanunla bağlı bilgiyə malik deyil. Bu barədə izahat işinə xüsusi diqqət yetirilməlidir. Mən hesab edirəm ki, kütləvi informasiya vasitələri buna əhəmiyyət verərək bu sahəyə ayrıca yer ayırmalıdır.
Ziyafət müəllim, mən bu mövzudan kənara çıxmaq zorunda qalacağam. Mən çox təəssüf edirəm ki, bayaq 30 dəqiqəlik müzakirələrdə Azərbaycanın xarici siyasəti, bütövlükdə Azərbaycan dövlətinin siyasəti haqqında burada belə bədgüman söhbətlər, fikirlər səsləndi. Azərbaycan bu gün MDB məkanında ən cəsarətli siyasət yeridən bir ölkədir. Məhz Azərbaycanın cəsarətli siyasətinin sayəsindədir ki, 20 illik müstəqilliyini qeyd edən ölkə BMT Təhlükəsizlik Şurasının üzvü seçilib, daimi üzvlərlə birlikdə 10 ölkənin sırasında fəaliyyət göstərməkdədir.
Azərbaycan təcavüzə məruz qalıb və onun bu gün dostlara böyük ehtiyacı var. Azərbaycan bölgədə müstəqil enerji siyasəti və ümumən müstəqil siyasət yeridir. Prezident İlham Əliyev dəfələrlə deyibdir ki, bizim xarici siyasətimizin başlıca xüsusiyyəti onun müstəqil olmasındadır. Yəni bu gün Azərbaycan keçmiş sovetlər ittifaqına daxil olan ölkələrlə müqayisə edilə bilməyəcək dərəcədə müstəqil siyasət yeridir.
Əlbəttə, hər bir deputatın öz fikrini sərbəst söyləmək ixtiyarı var. Mənim heç kimin fikrinə də iradım yoxdur. Sadəcə, mən deputat həmkarlarıma bir fikri xatırlatmaq istəyirəm – yetişməmiş meyvəni dərməyin. Biz vaxtilə belə səhvlər etmişik. Bu səhvləri təkrar eləməyin. Azərbaycana dost lazımdır. Azərbaycan düşmən qazanmamalıdır.
Ermənistan düşməndir və Ermənistanı himayə edən ölkələr vardır. Biz onları neytrallaşdırmağa çalışmalıyıq. Bizim burada səsləndirdiyimiz hər bir söz istər-istəməz bizə qarşı yönələ bilər. Ona görə də mən bayaq hörmətli sədrimiz Oqtay müəllimin dediyi fikrə tam şərikəm ki, biz 15 yerlə vuruşmayacağıq. Bizim  hazırda qarşımızda duran missiya var. Bu missiyanı yerinə yetirmək uğrunda çalışmalıyıq və millət vəkilləri də bu missiyanın yerinə yetirilməsində bir-birinə kömək eləməli, dövlətə, hökumətə dəstək olmalıdırlar. Yalnız və yalnız gündəmdə qalmaq naminə hansısa fikirləri səsləndirib hansısa ölkələrlə münasibətlərimizə xələl gətirmək lazım deyil. Mən bunu demək istədim. Hər kəs öz fikrində azaddır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Mən sığorta ilə bağlı çox mühüm bir problemə toxunmaq istərdim. Bu da sığorta olunmuş avtomobillərin, mənzillərin sahiblərinə bədbəxt hadisələrdən sonra sığorta şirkətlərinin yaşatdıqları problemlərdir. Daxil olan müraciətlərdə bildirilir ki, qəzaya düşmüş avtomobillərin təmir prosesində sığorta şirkətləri insanları incidirlər. Bu prosesdə kütləvilik olmasa da, istənilən halda sığorta şirkətləri öz üzərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Bu ondan ötrüdür ki, cəmiyyətdə sığortaya olan etimad daha da yüksəlsin və insanlar bu işə şüurlu şəkildə maraq göstərsinlər.
Bu gün müasirləşən Azərbaycanda təhsil, səhiyyə, turizm sektorunda ciddi irəliləyişlər müşahidə olunur. Bununla paralel sosial-iqtisadi həyat da yüksəlir. Ona görə də sığorta çox mühüm amilə çevrilir. Elə pensiya sisteminin sığorta mexanizminə keçidini götürək. Bununla bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamı ilə dövlət proqramının imzalanması bu sahəyə olan diqqətin göstəricisidir. Bu cür proqramların reallaşması nəticəsində səhiyyə sistemində sığorta mexanizmi yaranacaq. Məhz bütün bunları nəzərə alaraq bir daha sığorta şirkətlərini insanlara qarşı diqqətli olmağa və öz üzərinə düşən vəzifələri məsuliyyətlə yerinə yetirməyə çağırıram. Heç kəs istəməz ki, insanlarda sosial-iqtisadi inkişaf üçün mühüm olan məsələ ilə bağlı inamsızlıq yaransın. Qanuna səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Əlbəttə, bu dəyişikliklərin əsas məqsədini hər birimiz anlayırıq. Hörmətli Ziyad müəllim ayrı-ayrı ölkələrlə müqayisədə Azərbaycanda sığorta bazarının vəziyyətini əks etdirməyə çalışdı və bəlli oldu ki, bu sahədə kifayət qədər problemlərimiz var.
Xatırlayırsınızsa, mən hökumətin hesabatı zamanı burada nəqliyyat vasitələrinin icbari sığortası ilə bağlı dövlət büdcəsinə ödənişlərin 53 milyon manat, bunun müqabilində vətəndaşlara ödənilən vəsaitlərin isə 3 milyon manat olmasını bəyan eləmişdim. O zaman da vurğulamışdım ki,  sığorta hadisəsinin, ümumiyyətlə, sığorta sisteminin fəlsəfəsi vətəndaşın qazanması, müxtəlif fövqəladə hadisələrdən onun həyatının və əmlakının sığorta olunmasıdır.
Azərbaycanda yük hələ ki, qeyri-rəsmi formada dövlətin üzərində qalmaqdadır. Bu sistemdə qurulan ayrı-ayrı özəl qurumlar, elə o cümlədən dövlət sığorta şirkəti açıq şəkildə vətəndaşlar üzərində qurulmuş hörümçək torudur. Mən bilmirəm, onu ayrı nə ilə müqayisə eləyim. İndi burada Zi-yad müəllim qeyd elədi ki, əgər nəqliyyat vasitəsi qəzaya uğrayıbsa, onun sahibi müvafiq sənədləri buradakı tələblər əsasında təqdim eləməli və buna uyğun ödəniş almalıdır. Gedin görün, bir o vətəndaş həmin sığorta məbləğini almaq üçün nələrdən keçir. Onun ən yaxşı halda birinci qabığını çıxarırlar, ikinci qabığından ona nə isə çatsa, şükür eləyər. Ona görə mən elə hesab edirəm, biz bu sığorta məsələsinin üstündən çox sakitcə keçirik.
Təbii ki, mən, hər kəsə hörmətlə yanaşıram. Parlament üzvlərinin bu məsələyə yanaşması da başa düşüləndir. Amma artıq şəkildə biz sığorta şirkətlərinə yaxşıca yem yeri veririk. Onlar bizim ətimiz, qanımız üzərində qəza hadisələrindən külli miqdarda qazanırlar. Gedin yoxlayın, görün onların ümumi dövriyyəsi nə qədərdir.
Mən ötən dəfə burada parlamentdə söylədim ki, bizim həyatımız da sığorta olunur. İnsanı gözəl tabutla ölümə stimullaşdırmaq olmaz. Deputatın həyatı 65 min manatlıq sığorta olunub. Növbəti çağırışda seçilməyən adamların ödədiyi vəsait hara gedir? Mən sizi əmin edirəm ki, həmin qurumların özünə. İndi bizim dövrdə, – Allah hamının ömrünü uzun eləsin, canına sağlıq versin, – Hikmət Atayev həyatını itirdi. Bilmirəm, onun ailəsinə o vəsait ödənibmi. Amma qalan hallarda biz açıq şəkildə sığorta qurumlarının vətəndaş üzərində külli miqdarda vəsait əldə elədiyini görməkdəyik.
Maşınları istənilən yerdə sığorta eləyirlər. Gedin, yanacaqdoldurma stansiyalarında, yaxud alğı-satqı mərkəzlərində vəziyyətə baxın. Görəcəksiniz ki, kimlərsə dayanıb guya nəyi isə sığorta eləyirlər. O cümlədən xaricdən ilk maşınlar gəlib artıq Azərbaycan bazarına daxil olanda eyni vəziyyətdir. Kimin qurumlarıdır, kim himayə edir? Onlar necə formalaşıblar, hansı hüquqi əsaslarla fəaliyyət göstərirlər, hansı lisenziya ilə işləyirlər, kimin qarşısında hesabat verirlər? Bunlar məlum deyil. Hörmətli Ziyafət müəllim, bəlkə sığorta qurumlarını bir daha bu parlament binasına dəvət edəsiniz. Qoy onlar hesabat versinlər, görək indiyədək bu qanunlar əsasında nə qədər insanın həyatını o ağır problemlərdən qurtarıblar.
Mən onu demək istəyirəm ki, bu qanundakı müddəalar nə qədər gözəl olsa da, icbari sığorta sahəsində gerçəkliyimiz kifayət qədər problemlidir. Ona görə də düşünürəm, biz qanunda onların məsuliyyət məsələlərini daha sərt qoymalıyıq ki, vətəndaşlar qarşısında öz öhdəliklərini yerinə yetirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Biz artıq müzakirələri yekunlaşdırdıq. Vahid müəllimin sualı oldu. Azər müəllim, suala Siz cavab verəcəksiniz? Buyurun. Azər Bayramov.
A.Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkillərinin söylədikləri dəyərli fikirlərə görə öz minnətdarlığımı bildirirəm. Eyni zamanda, millət vəkili Vahid Əhmədovun iki sualını cavablandırmaq istəyirəm. Vahid müəllim icbari sığorta müqavilələrinin elektron sistemə daxil edilməsi məsələsinə toxundu və bəzi kənd yerlərində bu sistemin effektivliyi ilə bağlı narahatçılığını bildirdi.
Mən bildirmək istəyirəm ki, sığorta nəzarəti qurumunda bu icbari sığorta növlərinə nəzarət mexanizmlərinin texniki vəziyyəti barədə kifayət qədər ətraflı məlumat var. Bilirsiniz ki, “İcbari sığorta haqqında” Qanunda dörd növ icbari sığorta nəzərdə tutulub. Onun biri artıq bu sistem üzrə işləyir. Bu, avtomobillərin icbari sığortasını əhatə edən bir sistemdir. Tətbiq edildiyi ilk ildə 700 minə yaxın avtomobil o sistem vasitəsilə sığortalanıb. Biz nəzarətin kifayət qədər effektiv olduğunu görərək digər üç növə də bu sistemi tətbiq eləmək qərarına gəlmişik və hesab edirik ki, bu növlərdə də heç bir problem olmayacaqdır. Yəni bizim bugünkü sığorta şirkətləri bunu əhatə eləməyə qadirdirlər.
Qanunsuz tikililərlə əlaqədar ikinci suala gəlincə, Siz onu özünüz cavablandırdınız. Təbii ki, bu əmlak qanunsuzdursa, onun icbari qaydada sığorta edilməsini biz heç bir sığorta şirkətindən tələb edə bilmərik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Azər müəllim. Xahiş edirəm, qanun layihəsinə səs verəsiniz.

Səsvermənin nəticələri  (saat 13.57 dəq.)
 Lehinə  108
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  108
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Etiraz yoxdursa, davam edirik. Növbəti məsələ – Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi və digər bir məsələ, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında hörmətli Baş prokuror tərəfindən parlamentə təqdim olunub. Ona görə Ziyafət müəllim, icazə versəniz, mən 4–5-ci məsələləri birlikdə məruzə edərəm.
Sədrlik edən. Buyurun.
Ə.Hüseynli. Hörmətli həmkarlar, bilirsiniz ki, referendum vasitəsilə biz Konstitusiyamıza əlavələr, dəyişikliklər etdikdən sonra Baş Prokurorluğa da qanunvericilik təşəbbüsü subyekti hüququ verilmişdir. Təqdirəlayiq haldır ki, prokurorluq bu hüquqdan istifadə edərək Milli Məclisə hazırda ciddi ictimai, hüquqi əhəmiyyəti olan məsələlərlə bağlı iki qanun layihəsi təqdim edib.
Onu da qeyd etmək istəyirəm ki, hər iki layihə “Normativ hüquqi aktlar haqqında” Qanuna tam uyğun olaraq hazırlanıb. Siz, yəqin ki, əsaslandırmalarla da tanış olmusunuz. Mən sizə bizim komitənin bu məsələlərlə bağlı mövqeyini qısaca çatdırmaq istəyirəm.
Cinayət Məcəlləsində edilən dəyişikliklər 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrin dispozisiyası ilə bağlıdır. Əsaslandırma, qeyd etdiyim kimi, bizə Baş Prokurorluq tərəfindən yazılı formada təqdim olunub. Komitənin müzakirəsində biz bu təklifləri dəstəkləmişik. Ona görə ki, Cinayət Məcəlləsinin 147-ci və 148-ci maddələrinin dispozisiyalarında əsas meyar məlumatın kütləviliyidir. Yəni təhqir və böhtan kütləvi nümayiş etdirildiyi halda bu maddələrlə cəzalandırılır. Dəyişikliklərin əsas mahiyyəti ondan ibarətdir ki, əgər bu təklif qəbul olunarsa, elektron informasiya daşıyıcılarında, yəni internetdə kütləvi nümayiş etdirilən təhqir və böhtan da bu maddələrin təsiri altına düşəcəkdir. Biz hesab edirik, bu təklif kifayət qədər məntiqlidir. Çünki internet də məlumatların kütləvi yayılması vasitəsidir. Əhalinin artıq yarıdan çoxu internetdən istifadə edir. Ona görə kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılan təhqir və böhtan da bu maddələrin təsiri altına düşməlidir.
Hörmətli həmkarlar, mən bilirəm ki, bu məsələlər mətbuatda da müzakirə olunub. Belə bir fikir irəli sürülüb ki, nədən diffamasiya haqqında qanunvericiliyin müzakirə olunduğu bir vaxtda Cinayət Məcəlləsinin bu maddələrində dəyişiklik edilir. Mən birmənalı olaraq bildirmək istəyirəm ki, diffamasiya ilə bağlı qanunvericilik müzakirə olunarkən Hüquq siyasəti və dövlət quruculuğu komitəsi heç zaman Cinayət Məcəlləsinin 147 və 148-ci maddələrinin Cinayət Məcəlləsindən çıxarılması ilə bağlı fikir irəli sürməyib. Biz bunun həmişə əleyhinə olmuşuq və hesab edirik ki, Cinayət Məcəlləsinin bu maddələrinin qalması diffamasiya haqqında qanunvericiliyin qəbul olunmasına heç bir maneə törətmir. Yəni çox istəyirəm ki, biz bu iki məsələni bir-biri ilə qarışdırmayaq. Əslində, diffamasiya haqqında qanunvericilik özü də təhqirə yol verilməsini istisna edir.
Hesab edirəm ki, Cinayət Məcəlləsinə təklif olunan bu dəyişikliklər, ümumiyyətcə, ifadə azadlığı hüququnun ölkəmizdə daha mədəni şəkildə həyata keçirilməsinə öz töhfəsini verəcəkdir. Əlbəttə, demokratik cəmiyyətdə bu maddələrin tətbiqi ilə bağlı konkret çərçivələr mövcuddur və məhkəmə orqanları Cinayət Məcəlləsinin bu maddələrinin tətbiqi ilə bağlı, təbii ki, Avropa İnsan Haqları Konvensiyasını və Avropa İnsan Haqları Məhkəməsinin presedentini əldə rəhbər tutmalıdırlar. Qeyd etməliyəm ki, son illər məhkəmə təcrübəsi də bu sahədə artıq nöqsanlara yol verilmədiyini göstərir.
Növbəti məsələ isə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdir. Bildiyiniz kimi, İnzibati Xətalar Məcəlləsinin 30-cu maddəsinə görə inzibati həbsin maksimum müddəti 15 gündür. Təklif olunur ki, bu müddət 3 ayadək uzadılsın.
Hörmətli həmkarlar, ilk növbədə qeyd etmək istəyirəm ki, MDB ölkələrinin və o cümlədən Azərbaycan Respublikasının qanunvericilik sistemi ilə Avropa və ümumiyyətcə, Qərb ölkələrinin qanunvericilik sistemi arasında müəyyən bir fərq var. Bizim inzibati qanunvericilikdə nəzərdə tutulan bir çox əməllər Qərb və Avropa ölkələrində cinayət qanunvericiliyində ehtiva olunur. Bu baxımdan hesab edirəm ki, əslində, bizim model daha humanistdir. Amma eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, bizim də qanunvericiliyə görə 3 aydan yuxarı həbs artıq cinayət məsuliyyətinə səbəb olur. Bu baxımdan hesab edirəm ki, inzibati həbsin 3 aya qədər artırılması kifayət qədər məntiqlidir. Amma bu həm də humanist yanaşmadır, çünki burada hələ ki cinayət qanunvericiliyindən söhbət getmir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, son illər bir sıra inzibati xətalara görə nəzərdə tutulan inzibati həbs tənbehi o əməllərin ictimai təhlükəlilik dərəcəsinə uyğun deyil. Misal kimi elə parlamentdə də, ictimai müzakirələrdə də tez-tez səslənən avtoxuliqanlıq və ya döymə ilə bağlı inzibati xətaları qeyd etmək olar. Təklif olunur ki, İnzibati Xətalar Məcəlləsinin 38-ci (döymə), 296-cı (avtoxuliqanlıq), 310-cu (polis işçisinin tələblərinə tabe olmamaq) və sair bu kimi maddələrində nəzərdə tutulan inzibati həbs müddətləri 3 ayadək artırılsın.  Amma onu da qeyd etmək istəyirəm ki, maksimum hədd 3 ay olsa da, bu ən çox məhkəmə qərarlarının icra olunmaması ilə bağlı inzibati xətalara aid edilir. Sadaladığım digər maddələrdə isə 1 ay, maksimum 2 ay müddət nəzərdə tutulur.
Prokurorluğun bu təşəbbüsü də əslində bizim inzibati qanunvericiliyi zənginləşdirir. Təklif olunan dəyişikliklər imkan vermir ki, bu hallar bir sıra Avropa ölkələrindəki və Qərb ölkələrindəki kimi cinayət məsuliyyətinə səbəb olsun.
Eyni zamanda, bir sıra xətalar var ki, onlara görə daha ciddi inzibati cəzalar nəzərdə tutmalıyıq. Bu isə ancaq inzibati həbsin müddətinin artımı vasitəsilə həyata keçirilə bilər. Bu təklif artıq ictimaiyyət tərəfindən də kifayət qədər dəstəklənir. Ona görə bizim komitənin mövqeyi ondan ibarətdir ki, Baş Prokurorluğun həm Cinayət Məcəlləsi, həm də İnzibati Xətalar Məcəlləsi ilə bağlı təklif etdiyi bu dəyişikliklər dəstəklənsin. Mən ümidvaram ki, parlament də Respublika Prokurorluğunun bu qanunvericilik təşəbbüsünü dəstəkləyəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Zahid Oruc, sualınız var? Buyurun.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, mən parlament zalına diqqət etməyinizi istəyirəm. 42 nəfər deputat var. Fasiləsiz işləməyi təklif edənlərin hamısı çıxdı getdi. Ona görə mən soruşuram, biz hara tələsirik? 8-ci, ya 9-cu dəfədir ki, orta məktəblərin birnövbəli iş qrafiki ilə işləyirik. Hara tələsirik ki? Mən təklif edirəm, fasilə elan edək, günün ikinci yarısında bu məsələləri daha normal müzakirə edək. 
Sədrlik edən. Zahid müəllim, biz bu gün fasiləsiz işləyəcəyimizi artıq qərarlaşdırmışıq. Amma gələcək üçün Sizin təklifinizi, mən hesab edirəm ki, nəzərə almalıyıq. Mən də görürəm ki, deputatların bəziləri zalda yoxdur. Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən Baş Prokurorluğun təqdim etdiyi qanun layihələri, ilk öncə Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı fikrimi söyləmək istəyirəm.
Xatırlayıram, burada biz döyməyə görə cinayət məsuliyyətini aradan qaldıranda mən çıxış edib söyləmişdim ki, döyməyə görə cinayət məsuliyyətini aradan qaldırıb, təhqirə və böhtana görə cinayət məsuliyyətini saxlamaq və yaxud onun dairəsini bir az da genişləndirmək başa düşülən deyil. Burada prokurorluğun hörmətli əməkdaşları əyləşiblər. Onlar, yəqin ki, buna bir aydınlıq gətirərlər.
Döymə təkcə bədənə fiziki ağrının yetirilməsi deyil, həm də insanın şərəf və ləyaqətinin alçaldılmasıdır. Ən ağır təhqir elə bundan ibarətdir. Bəzən insanın ləyaqətini alçaltmaq üçün ona əl qaldırırlar. Düzdür, əgər sifətə xəsarət yetiriləcəksə, artıq bədənə qəsdən yüngül, az ağır və ya ağır xəsarət yetirilməsindən söhbət gedəcək.
Biz ölkədə məişət zorakılığına qarşı mübarizənin gücləndirildiyi bir dövrdə döyməyə görə məsuliyyəti aradan qaldırdıq. Yəni burada motiv tamamilə başa düşülən deyil. Amma indi təkcə kütləvi informasiya vasitəsində deyil, internetdə də yayılan böhtan və ya təhqirə görə məsuliyyət nəzərdə tuturuq.
3–4 il bundan öncə mən də böhtan və təhqirə görə cinayət məsuliyyətinin aradan qaldırılmasının əleyhinə idim. Amma bizim təkcə iqtisadiyyatımız inkişaf etmir, cəmiyyətimiz inkişaf edir, insanların şüuru artır, mədəniyyət səviyyəsi yüksəlir. Bizim Qərblə əlaqələrimiz genişlənir, təmaslarımız artır, biz sivil dünyanın bir hissəsinə çevrilirik. Ona görə də, məncə, artıq diffamasiya haqqında qanunu qəbul etmək olar. Əslində, 147 və 148-ci maddələrə görə cinayət məsuliyyətini aradan qaldırmalıyıq. Buna görə də mən həmkarlarımı bu barədə düşünməyə və bu normaların aradan qaldırılması istiqamətində qərar qəbul etməyə çağırıram.
İndi keçək Əli müəllimin məruzə etdiyi ikinci məsələyə. Bizim İnzibati Xətalar Məcəlləsində narkotik vasitələrin istehlakına görə məsuliyyət nəzərdə tutulur. Bu bir inzibati xəta kimi qiymətləndirilir. Baxmayaraq ki, biz özümüz elə Respublika Prokurorluğunun, Daxili İşlər Nazirliyinin iştirakı ilə burada, bəzən elə bu binada keçirilən beynəlxalq tədbirlərdə dəfələrlə bəyan edildiyini eşitmişik ki, narkoman olmaq cinayətkar olmaq deyil, bu bir xəstəlikdir. İndi necə olur, narkotika qəbul edilməsinə görə cəzanı biz İnzibati Xətalar Məcəlləsində daha da sərtləşdirir, inzibati həbs müddətini 15 gündən 2 aya qədər artırırıq?
Amerika Birləşmiş Ştatlarında da narkotika istehlakı qadağan olunur. Orada bu barədə federal qanun var. Amma onlar bu yaxınlarda bir çox ştatlarda qərar qəbul etdilər ki, yüngül narkotika sayılan marixuana leqallaşdırılsın. Nəyə görə? Çünki əvvəla, bu mübarizənin effektli olmadığı üzə çıxdı, yəni bu, dövlət vəsaitlərinin mənasız yerə xərclənməsidir. İkincisi, bu, narkomanların müəyyən mənada nəzarətə götürülməsi deməkdir. Bu yolla müəyyən etmək olar ki, kim bundan istifadə edir. Misal üçün, biz indi gedib öz ayağını kəsəni, öz gözünü çıxaranı cinayət məsuliyyətinə cəlb edirik ki, özünə niyə xəsarət yetirmisən?
Narkotika qəbul etdiyinə görə insanı tutmaq mənasızdır. O əgər narkotikanı yayırsa, satırsa, bu tamam başqa məsələ. Mən nəinki narkotika qəbul edilməsinə görə həbs müddətinin 15 gündən 2 aya qədər artırılmasının əleyhinəyəm, bunun hətta İnzibati Xətalar Məcəlləsindən çıxarılmasının tərəfdarıyam.
Burada qeyd olunur ki, “Nəqliyyat vasitələrini idarəetmə hüququ olmayan şəxslər tərəfindən nəqliyyat vasitələrinin idarə edilməsi” adlı 152-ci maddədə inzibati həbs müddəti 15 gündən 1 aya qədər artırılır. Mən hesab edirəm ki, bu çox normaldır. Ölkəmizdə bu tipli hüquqpozmaların, yəni bu tipli xətaların sayı artır. Ona görə də mən bu 152-ci maddədə cəzaların sərtləşdirilməsini məqbul sayıram.
Sonra, burada 310-cu maddədə polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmamağa görə inzibati həbs müddəti 15 gündən bir aya qədər artırılır. Mən hesab edirəm ki, buna qətiyyən ehtiyac yoxdur. Yəni elə bir vəziyyət yaradacağıq ki, artıq camaat polisi görəndə küçədə çönüb kənara getməli olacaq ki, birdən polis işçisi ilə nə isə bir konflikt yaranar və bunu heç nə üstündə aparıb 1 aya qədər inzibati həbsə atarlar. Onsuz da 15 günə qədər müddət kifayət qədər çox idi, bunu əlavə bir aya qədər artırmağa qətiyyən ehtiyac yoxdur.
Sonra, “Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması” adlı 298-ci maddədə də həbs müddəti iki aya qədər uzadılır. Bilirsiniz, vətəndaşın öz konstitusion hüququndan istifadə etməsi üçün qanunla müəyyən olunmuş qaydada müvafiq razılıq alınmayıbsa belə, dövlət özü maraqlı olmalıdır ki, vətəndaşlar öz konstitusion hüquqlarından istifadə etsinlər, nələrə qarşı isə etiraz etsinlər, insanların, cəmiyyətin bir müqaviməti olsun. Hətta icazəsiz aksiyada iştirak etməyə görə inzibati həbs müddətini 2 aya qədər artırmaq, hesab edirəm ki, yalnız cəmiyyətdə əlavə qorxu yaratmağa, insanların öz konstitusion hüquqlarından istifadə etməsinin qarşısını almağa hesablanıb və bu bizim ölkəmizin imici üçün heç də yaxşı bir şey deyil. Ona görə mən şəxsən bunun da əleyhinəyəm və hesab edirəm ki, buna yol vermək olmaz.
Bundan başqa, burada cərimələrin ödənilməsi ilə bağlı çox qəribə bir məsələ qeyd olunur. Qeyd olunur ki, məsələn, kim isə yol hərəkəti qaydalarını pozur və müvafiq cəriməni ödəmirsə, onu həbs etmək olmaz. Amma kim isə icazəsiz bir aksiyaya çıxıb, məhkəmə ona cərimə kəsib və o, cəriməni ödəyə bilmirsə, ona iki aya qədər həbs tətbiq edilməlidir. Bu ayrıseçkiliyin məqsədi nədir? Yəni burada dövlət, hökumət, iqtidar açıq-açığına  öz niyyətini ortaya qoymuş olur. Söhbət hər iki halda vətəndaşın cəriməni ödəməməsindən gedir. Hələ birinci halda, Ziyafət müəllim, vətəndaşın maşını var. Bu imkanlı adamdır ki, maşın alıb. Deməli, imkanlı adam cəriməni ödəmir və buna görə ona həbs cəzası tətbiq olunmur. Amma deyək ki, universitetin bir tələbəsi icazəsiz aksiyaya qatılıb, buna cərimə kəsilib və o, cəriməni ödəyə bilmirsə, onu həbs etmək lazımdır. Mən düşünürəm ki, bu da tamamilə yolverilməzdir. Mən bunun da əleyhinəyəm.
Avropa Şurasının üzvü olan, Avropaya inteqrasiya etmək istəyən bir ölkənin qanunvericiliyinə bu cür dəyişikliklərin edilməsi heç də yaxşı hal deyil. Mən bunun əleyhinə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Qüdrət müəllim. Mən bir məsələyə öz münasibətimi bildirmək istəyirəm. Hörmətli Qüdrət müəllim burada diffamasiya ilə bağlı fikrini ifadə etdi. O hesab edir ki, Cinayət Məcəlləsindən təhqirə və böhtana görə cinayət məsuliyyəti çıxarılmalıdır. Mən Sizi düz başa düşdüm, Qüdrət müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir çox insanlarda belə təsəvvür var ki, diffamasiya haqqında qanunun mahiyyəti elə budur. Yəni təhqirə və böhtana görə məsuliyyəti cinayət məsuliyyəti kimi aradan qaldırmaq lazımdır. Onda mən soruşuram, əgər bu belədirsə, diffamasiya haqqında qanun nəyə lazımdır? Gəlin Cinayət Məcəlləsindən təhqirə və böhtana görə cinayət məsuliyyətini çıxaraq, müvafiq maddələri götürək, bu qanuna da ehtiyac olmasın.
Bu qanunun mahiyyəti tamamilə başqa bir şeydir. Hərçənd mən bu qanunun əleyhinəyəm, – indi öz fikrimi izah edəcəyəm, – sadəcə, məntiqi yanaşmanı başa düşə bilmirəm. Əgər biz diffamasiya haqqında qanunu yalnız təhqir və böhtana görə cinayət məsuliyyətinə bağlayacayıqsa, onda bu qanun nəyə lazımdır? Cinayət Məcəlləsindən hər iki maddəni çıxaraq, bununla da məsələ bitsin, söz-söhbət də qurtarsın.
Amma mən indi soruşuram, Qüdrət müəllim, bizim cəmiyyətdə diffamasiya mühiti varmı? Yoxdur. Siz özünüz də yaxşı bilirsiniz ki, yoxdur. Amma Avropa Şurasına, Avropa İttifaqına xoş gəlsin deyə... Biz cəmiyyətdə süni gərginlik yaratmaqda nə məqsəd güdürük? Bizə bu lazımdırmı? Mən araşdırdım, mütəxəssislərdən də xahiş etdim, dedim, araşdırın görək, Avropa İttifaqına daxil olan ölkələrin neçəsində diffamasiya haqqında qanun var. Dedilər, cəmi ikisində, ya üçündə var. Bu yaxşı qanundursa, Qüdrət müəllim, Avropa İttifaqı bizə nümunə göstərsin də... Bu ölkələrin, demirəm 27-si, heç olmasa, 10-u bunu qəbul etsin, 11-ci biz olaq. Nə olub, xeyirdimi? Mirzə Ələkbər demişkən, çırmanırıq keçməyə çay gəlməmiş. Nəyə lazımdır bu?
Bunu bəzən Avropa Şurası ilə də əlaqələndirirlər. Onu deyim ki, diffamasiya haqqında qanunun qəbulu bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Xahiş edirəm, jurnalistlər, bunu birdəfəlik bilin. Bəzən insanlarımızı da çaşdırırlar. Bu bizim öhdəliyimiz deyil, sadəcə, bunu bizə məsləhət görürlər. Şəxsən mən hesab edirəm ki, Azərbaycan mühiti buna hazır deyil.
Bilirsiniz, təklif vermək, əlbəttə, çox asandır. Amma insan özü, – konkret halda, Qüdrət müəllim, Sizi və özümü nəzərdə tuturam, – ağır təhqirə və böhtana məruz qalanda biz o inzibati məsuliyyətlə razılaşacağıqmı? Deyəcəyik ki, ən ağır cəza verilsin. Amma başqasına gələndə deyirik, əşi, bunu çıxaraq da, nəyə lazımdır bu. Bilirsiniz, cəmiyyəti o vəziyyətə gətirib çıxarmaq olmaz ki, insanlar getsinlər, şərəf və ləyaqətlərini alçaldanlarla münasibətlərini özləri ayırd etsinlər. Hər şey hüquq müstəvisində həll olunmalıdır.
Bəli, biz Avropa Şurasının üzvüyük, Avropa İttifaqı ilə əlaqələrimiz çox genişlənib. Amma şüurumuzda, – açıq etiraf edək, – hələ biz bilirsiniz... Kimin üçün isə təhqirə və böhtana məruz qalmaq namus-qeyrət məsələsidir, kimin üçün isə adi bir şey – əşi, dedi, dedi də. Belə şeylər var. İngilis, amerikalı, kanadalı və ya fransız üçün namus-qeyrət anlayışı bəlkə də o qədər böyük əhəmiyyət kəsb etmir, amma Sizin, mənim üçün əhəmiyyət kəsb edir axı, Qüdrət müəllim. Gəlin ədalətlə danışaq.
Bax bayaq, günün birinci yarısında biz gündəliyi müzakirə edəndə İqbal Ağazadə bir neçə misal gətirdi, – indi burada yoxdur, – özü də çox əsəbi danışdı, düz də danışdı. Bax görürsünüz, insanı əsəbiləşdirir, çünki insanın ailəsi, uşağı təhqirə məruz qalıb. Niyə təhqirə məruz qalmalıdır?
Deyək ki, bir adam mətbuatda kimi isə çox ağır surətdə təhqir etdi, buna 1 ay, 2 ay inzibati həbs verdilər. Bu edilən təhqirlə o verilən cəza bir-birinə düz mütənasib deyil axı. Bu edilən hərəkətin ictimai təhlükəlilik dərəcəsi o vətəndaşa verilən cəza ilə uyğun gəlmir axı, ay Qüdrət müəllim. Demək çox asandır. Amma insan özü təhqir olunanda və böhtana məruz qalanda hiss edir ki, bu nə ağır şey imiş, heç diffamasiya da yadına düşmür.
Ona görə mən üzr istəyirəm, bəlkə bir az çox danışdım, hər halda bu mənim fikrimdir və mən hesab edirəm, bu qanunu biz o vaxt qəbul edə bilərik ki, əvvəla, bunun üçün  bizim cəmiyyətdə müvafiq mühit yaransın. İkincisi də, bu qanunu bizə sırımaq istəyənlər zəhmət çəksinlər, Qüdrət müəllim, onu əvvəl özləri qəbul edib bizə nümunə göstərsinlər. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Mən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü kimi komitənin yığıncağında hər iki qanun layihəsini müdafiə etmişəm və indi də bu mövqedəyəm.
Yəqin ki, internetlə, ayrı-ayrı saytlarla, portallarla, kütləvi informasiya vasitələri ilə tanış olan millət vəkilləri bir neçə müddət öncə mənim sosial şəbəkələrdə təhqirlərə, böhtanlara yol verilməsi, radikal çağırışların edilməsi ilə bağlı keçirdiyim narahatçılığın şahidi olublar. Bununla bağlı, demək olar ki, bəziləri məni düzgün başa düşmədilər, dedilər, guya mən sosial şəbəkələrin bağlanmasının tərəfdarıyam,  bunu təbliğ etmişəm. Əslində, belə şey olmayıb. Çünki Azərbaycan internetdən kənarda qala bilməz.
Lakin internet də cəmiyyətin çox vacib bir atributuna çevrildiyinə və ictimai, həm də deyərdim, siyasi münasibətlər sistemində ön mövqeyə çıxdığına görə tənzimlənməlidir. Əgər o tənzimlənmirsə, artıq orada özbaşınalıq, xaos, təhqir, böhtan baş alıb gedir.
Mən mətbuata açıq insanam. Mənə müraciətlər edir, müsahibələr götürür, ən müxtəlif məsələlərlə, o cümlədən siyasətlə bağlı suallar verirlər. Mən də öz baxışlar sistemimi ortalığa qoyuram. Bütün bunlar internet saytlarında, portallarda, “online” qəzetlərində də çıxır. Misal üçün, Yaxın Şərqdəki və ya Azərbaycandakı  vəziyyətlə bağlı söhbət edirəm, vətəndaş mövqeyimi bildirirəm. Necə düşünürəmsə, onu deyirəm. Bu qalır kənarda, mənim şəxsiyyətim təhqir olunur. Zəng vururam, deyirəm, niyə bunu eləyirsiniz? Deyir, demokratiyadır da, bu da onun fikridir.
Hörmətli millət vəkilləri, internetdə həm xaricdən, həm də daxildən müəyyən sosial şəbəkələr yaradılır. Deyək ki, belə bir şəbəkə öz ətrafına müəyyən adamları yığdıqdan və onların arasında nüfuz qazandıqdan sonra zamanın birində radikal çağırış eləyib onları küçəyə çıxarır. Amma görək sonra onları idarə edə bilir, küçədən yığışdıra bilirmi?
İnternet də, portallar da bu gün kütləvi informasiya vasitələrinin çox vacib hissələrindən birinə çevrilib. Mən deyərdim, indi portallar daha çox oxunur, nəinki qəzetlər. Necə olur ki, yazılı mətbuatda böhtana, təhqirə  yol verənlər cinayət məsuliyyətinə, inzibati məsuliyyətə cəlb olunur, ancaq internetdə, saytlarda, portallarda təhqirə məruz qalırsan, kimisə məhkəməyə verib məsuliyyətə cəlb edə bilmirsən? Bu portalların, internet vasitəsilə yayılan qəzetlərin sahibləri elə etməlidirlər ki, orada da təhqirlərə, böhtanlara yol verilməsin. Əgər yol verərlərsə, Cinayət Məcəlləsinə edilən bu dəyişikliklər onlara tətbiq olunmalıdır.
Şəxsən mən Respublika Prokurorluğunun təklif etdiyi bu dəyişikliklərə tam tərəfdaram və hörmətli millət vəkillərini də bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Çünki insan şəxsiyyətindən uca heç nə ola bilməz, insan şəxsiyyəti təhqir olunursa, onu təhqir edən cavab verməlidir.
İkinci məsələ ilə bağlı. Mən, əlbəttə, hörmətli həmkarım Qüdrət Həsənquliyevin fikirlərini təftiş etmək niyyətində deyiləm. Amma mənim öz yanaşmam var. İnzibati Xətalar Məcəlləsində cərimələrin miqdarı olduğu kimi qalır. Lakin elə adamlar var ki, imkanı yoxdur, həmin cərimələri ödəyə bilmir. Cərimələri ödəyə bilməyəndə o çox qısa müddətdə – bir həftə, maksimum 15 gün inzibati qaydada məsuliyyətə cəlb olunur və ya bir sıra hallarda heç bu da reallaşmır, həyata keçmir.
Burada nədən söhbət gedir? Avtoxuliqanlıqdan, nəqliyyat vasitələrini qanunsuz idarə etməkdən, narkotikanın daşıyıcısı olmaqdan. Əlbəttə, narkotik maddələrin istehlakı ilə bağlı məsələ bir qədər mübahisəlidir. Məcəllədən bunu bəlkə də çıxarmaq olar. Lakin İnzibati Xətalar Məcəlləsinə narkotikanın cəmiyyətə vurduğu ziyanla, zorakılıq halları ilə, döymə və təhqirlə bağlı edilən dəyişikliklər, düşünürəm ki, indiki Azərbaycan cəmiyyətində mövcud olan problemlərin məntiqinə söykənib.
Mən qanunvericilik təşəbbüsü ilə çıxış eləyən subyektə haqq qazandırıram və hər iki qanun layihəsinə səs verəcəyəm. Hörmətli millət vəkillərindən də ricam budur ki, – komitənin bir üzvü kimi müraciət edir, Əli müəllimin təklifinə qoşuluram, – bu layihələrin qəbuluna səs versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İlham Məmmədov.
İ.Məmmədov. Sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, XXI əsr informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişaf əsridir. Artıq bu sürət zaman və məkan müstəvisində həll olunan məsələləri çox geridə qoyur. Bu texnologiyanın inkişafı özünü internet və onun üzərində olan sosial şəbəkələrdə daha çox göstərir. Belə ki, bu gün informasiya təminatının böyük bir hissəsini internet öz üzərinə götürüb. İnternet media artıq yazılı mətbuatı çox üstələyib. Təbii ki, internet – bu sürətli kommunikasiya texnologiyası həyatımızı xeyli yüngülləşdirib, vaxta qənaət olunub, işgüzar həyatımızı yaxşılaşdırıb. 
Bütün bunlarla yanaşı, bu gün bəşəriyyəti az qala vahid bir məkanda birləşdirən bu virtual həyatın müxtəlif aspektlərdən mənfi təsirləri də az deyil. Yəni yeni münasibətlər formalaşıb ki, bu gün artıq bizim məkanda bu münasibətlərin hüquqi tənzimlənməsinə bir ehtiyac var.
Böhtan və təhqirdən qorunmaq hər bir insanın hüququdur və bu cür halların yazılı mediada baş verməməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsində qanuni tənzimləmə var. Lakin informasiyanın bu gün daha çox yayıldığı internet və onun üzərindəki sosial şəbəkələrdə insanların böhtan və təhqirdən qorunması təmin olunmayıb. Bu sahədə bir boşluq var və bu boşluğun aradan qaldırılması üçün Cinayət Məcəlləsində dəyişikliklər edilməsi təklif olunmuşdur.
Bu məsələyə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsində baxılmışdır. Hörmətli Əli müəllimin bugünkü plenar iclasda ətraflı təqdimatı ilə tanış olduq və bu qanuna edilən dəyişikliklərin əsas arqumentlərini dinlədik. Əlbəttə, dövlət öz siyasi, hüquqi iradəsini ortaya qoyub təhqir və böhtanı cinayət kimi tanımalıdır. Ona görə də hesab edirəm ki, təklif olunan dəyişikliklər məhz bu məqsədə xidmət edir.
Dövlətin insanları böhtandan, təhqirdən qorumaq missiyası da vardır. İnsanların şərəf və ləyaqətinin alçaldılması, təhqir və böhtanla üzləşməsi  internet üzərindəki sosial şəbəkələrdə daha tez-tez baş verir və biz bunun fəsadları ilə artıq tanışıq.
Hörmətli sədarət, mən bu dəyişikliklərin son günlərdə mətbuatda müxtəlif yönümlərdə şərhi ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Doğrudan da, bununla bağlı elə şərhlər verilir ki, sanki internet bağlanır, sosial şəbəkələr ləğv olunur. Halbuki qanunun  əsas mahiyyəti, fəlsəfəsi başqadır. O bu gün bu sahədə olan cəzasızlıq mühitində bir növ xəbərdarlıq funksiyası daşıyır.
Hörmətli Ziyafət müəllim, Siz bayaq qeyd etdiniz ki, bu, diffamasiya mühitinin yaradılması üçün bir zəmindir. Yəni bu qanun internet üzərindəki sosial şəbəkələrdə böhtan və təhqirlərin qarşısının alınmasına xidmət edəcək.
Hörmətli millət vəkilləri, bu gün elə insanlar var ki, onlara pul cəriməsi təsir etmir. Ona görə onların cinayət məsuliyyətinə cəlb olunması, mən hesab edirəm, daha effektli ola bilər. Bu gün o sosial şəbəkələrdə böhtan və təhqiri özünə peşə edən media orqanları, ayrı-ayrı insanlar bunun üçün cəzalandırılacaqlarını dərk etməli və onların cəzaları daha sərt olmalıdır.
İnternet üzərindəki sosial şəbəkələrdə, məsələn, “twitter”, “facebook”da iki nəfər insanın və ya insanlar qrupunun bir-biri ilə yazışması, hansısa bir idman yarışını müzakirə etməsi və yaxud bu zaman hansısa fikirlərini qeyri-etik formada bildirməsi heç də onların cinayət məsuliyyətinə cəlb olunması üçün şərait yaratmır. Cinayət Məcəlləsində edilən bu dəyişikliklərin əsas mahiyyəti kütləvi yayımlanan və ictimaiyyət üçün açıq olan internet-informasiya resurslarında böhtan və təhqirin qarşısının alınmasından ibarətdir.
Hesab edirəm ki, bu dəyişikliklər çox məqbuldur və biz onlara səs verməliyik. Mən bu arqumentləri qəbul edirəm və bu dəyişikliklərə səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də hər iki dəyişikliyə, həm Cinayət Məcəlləsində, həm də İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərə səs verəcəyəm. Bununla bağlı bəzi qeydlərim var, bunları sizin diqqətinizə çatdırmaq istəyirəm.
Birinci, Cinayət Məcəlləsində edilən dəyişikliklə bağlı. Az öncə məndən qabaq danışan həmkarlarım da qeyd etdilər ki, bizdə bu bəzən internetin bağlanması, söz azadlığının pozulması və sair kimi qiymətləndirilir. Amma bu qətiyyən belə deyil və qabaqcıl ölkələrin təcrübəsindən misal gətirilir. Əslində, qabaqcıl ölkələrin təcrübəsində bu çoxdan var. Məsələn, Böyük Britaniyanın təcrübəsinə baxaq. Böyük Britaniyada 2009-cu ildə təkrar təhqirə görə cinayət məsuliyyətinin daşınması haqqında qanun qəbul edildi. Həm Böyük Britaniyanın, həm də dünyanın ən məşhur qəzeti olan “The Times” bundan Avropa İnsan Haqları Məhkəməsinə şikayət verdi. Avropa İnsan Haqları Məhkəməsi isə Britaniyanın tarixindən presedent hüququnu əsas götürərək  “The Times”a haqq qazandırmadı, Britaniya qanunvericiliyinin haqlı olduğunu bildirdi.
Yenə başqa bir misal, hər baxımdan, xüsusilə də media sahəsində örnək olan bir ölkəni götürək. Amerika Birləşmiş Ştatlarında 2011-ci ildə Kristal Koks öz bloqunda oradakı şirkətlərdən biri haqqında böhtan xarakterli yazı yazmışdı. Ona görə 2,5 milyon dollar cərimə ödədi. Ümumiyyətlə, Amerika reallığında hər ştatın, müxtəlif, fərqli təcrübələri var. Amerika qanunvericiliyində böhtan məsələsinə görə 10 ilə qədər həbs cəzası tətbiq edilə, 250 min dollar məbləğində cərimə kəsilə bilər. Eyni vəziyyət Fransada, Almaniyada, İspaniyada da var. Bir sözlə, demokratik baxımdan örnək göstərilən ölkələrin hamısında bu reallıqlar var.
Nə üçün indi bu, İnternetə tətbiq olunur? Mən Amerika təcrübəsindən misal gətirmək istəyirəm. Amerikada məşhur iqtisadçı Perrinin apardığı araşdırmalar göstərir ki, 2000-ci ildə qəzetlərə ayrılan reklam xərci 60 milyard dollar, 2011-ci ildə isə cəmisi 20 milyard dollar olub. Əgər inflyasiyanı da nəzərə alsaq, bu ondan xəbər verir ki, İnternetin yaranması ilə qəzetlərə olan diqqət 4 dəfə azalıb. İnternet, eyni zamanda,  televiziyadan da diqqətin bir hissəsini özünə çəkib, bu o deməkdir ki, onun kütləvilik gücü həm televiziyadan, həm də qəzetdən daha ön plandadır. Ona görə də ola bilməz ki, qəzetdə böhtana görə cərimə kəsilsin, cəza tətbiq edilsin, amma İnternetdə bu olmasın. Bu, tamamilə təbii bir prosesdir.
Mən fikir verirəm, maraqlıdır ki, bunun əleyhinə çıxanlar hakimiyyəti İnternetdə özləri haqqında təxribat xarakterli məlumatlar yaymaqda suçlayan qüvvələrdir. Bir çox hallarda bəlli strukturların adını çəkirlər. İndi soruşmaq olar ki, nə istəyirsiniz? Məhz bu qanun elə məsələlərin yolunu kəsəcəkdir. Çünki başqa hallarda kiminsə haqqında böhtan yayılanda, kimin tərəfindən yayıldığını bilmək mümkün deyildi. İndi isə qanunvericilik imkan verəcək ki, hansı mənbədən kimin necə yaydığını üzə çıxarsın və həmin tərəf məsuliyyət daşısın.
Çox təəssüf ki, başqa bir məsələ də var. Bütün dünyada ciddi xarakterli informasiyalara daha az diqqət yetirilir, nəinki yüngül, sarı xarakterli informasiyalara. Bu, qlobal meyildir və bu meyil istər-istəməz özünü Azərbaycanda da göstərir. İnternetin bir özəlliyi də bundan ibarətdir ki,  informasiya azlıqdan çoxluğa çatdırılırdı, indi isə çoxluqdan çoxluğa çatdırılır. Yəni hər kəs, eyni zamanda, xəbər mənbəyi və jurnalist rolunda çıxış edə və öz səviyyəsinə uyğun ağlına nə gəlirsə, yaza bilər. Məhz bunun qarşısını kəsmək üçün belə bir dəyişiklik lazımdır. Təsəvvür edin, bəzən mediada yazılara baxanda belə başa düşülür ki, burada, sadəcə, hakimiyyətə, yaxud da üzdə olan adamlara qarşı təhqir və böhtanın qarşısının alınmasından söhbət gedir. Əslində, belə deyil. İndi audio, video vasitələr o qədər inkişaf edib ki, istənilən bir adam istənilən adam haqqında montaj xarakterli materiallar, lap video da hazırlayıb İnternetə qoya bilər. Bunun cavabını kim verməlidir? Bu məsələ yumruq davası ilə, yaxud bir-birinə silah çəkməklə yoluna qoyulmalıdır? Təbii ki, qanunla yoluna qoyulmalıdır. Yəni bu baxımdan həmin dəyişikliyi vaxtında edilmiş dəyişiklik hesab edirəm. Mənə elə gəlir ki, hətta biz bir az gecikmişik.  Burada söz azadlığının, insan hüquqlarının pozulmasından söhbət gedə bilməz. Əksinə, bu, insan hüquqlarının qorunmasına yönəldilmiş bir addımdır.
İkinci, İnzibati Xətalar Məcəlləsində edilmiş dəyişikliklərlə də bağlı bir neçə kəlmə demək istərdim. Az öncə burada da səsləndi, bəli, bizdə, doğrudan da, bu sahədə çox humanist bir sistem mövcuddur. Ulu öndər Heydər Əliyevin 90 illiyi ilə bağlı amnistiya aktını da nəzərə alsaq, Azərbaycan dövlətinin humanistlik potensialı get-gedə artmaqdadır. Bu baxımdan biz artıq Şərqi Avropa ölkələri içərisində belə, Qərbi Avropa standartlarına yaxınlaşırıq. Bəzi məsələlərin, o cümlədən döyülmə hallarının İnzibati Xətalar Məcəlləsinə daxil edilməsini də mən məhz bu baxımdan qiymətləndirirəm. Burada bir məsələni də xatırlatmaq istəyirəm. Bizdə deyirlər ki, dil yarası insanı daha çox incidə bilər, nəinki qılınc yarası. Yəni sözün  vurduğu yara qılıncın vurduğu yaradan daha dərin olur. Mən məsələyə bu baxımdan yanaşıram.
Bəzi məqamlarla bağlı fikirlərimi bildirmək istəyirəm. Məsələn, 152-ci maddədəki nəqliyyat sahibinin izni olmadan nəqliyyat vasitəsini sürməyə görə tətbiq olunan inzibati cəzanı nəzərdə tuturam. Bilirsiniz, əksər Avropa ölkələrində, ümumiyyətlə, belə bir şey yoxdur. Hətta Rusiyada belə, nəqliyyat vasitəsinin sürülməsinə görə etibarnamə verilməsi aradan qaldırıldı. Mənə elə gəlir ki, nəqliyyat vasitəsinin sahibi nəqliyyatın oğurlanması barədə  şikayət etdikdə həmin şəxs  məsuliyyətə cəlb edilə bilər. Hesab edirəm ki, avtoxuliqanlığa görə  maddəni bir az da gücləndirmək daha yaxşı olardı, çünki bu,  get-gedə daha artan və təhlükəli meyildir. Həm xəbərdarlıq, həm profilaktika, həm də cəza baxımından bunun ağırlaşdırılması daha yaxşı olardı.
Başqa bir maddəyə – 310-cu maddənin 1-ci və 2-ci bəndlərinə toxunmaq istərdim. Burada polis işçisinə tabe olmamaqla bağlı göstərilir ki, fiziki şəxslər iki yüz manat miqdarında cərimə edilir və ya bir ayadək müddətə inzibati həbs tədbiri görülür. Amma hərbi qulluqçu dövlət sərhədini mühafizə vəzifələrini icra edərkən onun tələblərinə tabe olmadıqda fiziki şəxs 30 manatadək cərimə edilir və bir ayadək inzibati həbs tətbiq olunur. Yəni 30 manatın qarşılığında da bir ayadək inzibati həbs, 200 manatın qarşılığında da? Bu, müəyyən tendensiyalı və seçmə yanaşma kimi qiymətləndirilə bilər. Mənə elə gəlir, buna da yenidən baxmaq olardı. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. İlk öncə bu gün müzakirəyə çıxarılan Cinayət Məcəlləsinə dəyişikliklə bağlı fikirlərimi bildirmək istəyirəm. Əvvəla, qeyd edim ki, Baş Prokurorluğun Hüquqi Təminat və İnformasiya İdarəsi tərəfindən əsaslandırılmış hər iki qanun layihəsi bizim komitəyə daxil olub. Olduqca savadlı, normal və həm də kifayət qədər inandırıcı hazırlanıb. Belə hesab edirəm ki, onlara təşəkkür etməkdən başqa bir mövqe ola bilməz. Amma təbii ki, çox-saylı dəyişikliklər nəzərdə tutulduğuna görə ayrı-ayrı maddələrlə bağlı fikirlərimiz ola bilər. Qeyd edim ki, ümumiyyətlə, komitə iclasında biz bu təklifləri dəstəkləyib plenar iclasa tövsiyə edərkən də mövqeyimizi bildirmişik.
Mən jurnalist dostlarım tərəfindən son günlər, demək olar ki, bir sual yağışına tutulmuşam. 147 və 148-ci maddələrə edilən dəyişikliklərə hər bir jurnalist dostum öz prizmasından baxır və əsaslandırmağa çalışır. Biri builki seçkilərlə bağlamağa cəhd edir, digəri söz-mətbuat azadlığının boğulmasına, bir başqası ölkədə yeni total repressiyaların olacağına işarə edir. Amma bəzi jurnalist dostlarım da bu dəyişikliklərə olduqca obyektiv yanaşır və suala normal cavab almaq istəyirlər. Əvvəla, bu günə qədər həm 147-ci, həm də 148-ci maddədə İnternetdə nümayiş etdirilən məlumatların cinayət məsuliyyətinə səbəb olub-olmaması məsələsi açıq qalmışdı. Çox haqlı olaraq hüquq mühafizə orqanları da bu cür məlumatlarla bağlı cinayət işi qaldırarkən əməlin necə tövsif olunması məsələsində çətinlik çəkirdilər. Əgər Baş Prokurorluq tərəfindən təqdim olunan dəyişikliklərlə həmin boşluq doldurulacaqsa, böhtan və təhqirə görə cinayətin daha səmərəli şəkildə qarşısının alınmasına xidmət edən bənd əlavə olunacaqsa, bu, eyni zamanda, insanların hüquq və azadlıqlarının qorunması üçün qanunlarımızın tamlığının tətbiq olunması deməkdir.
Çox təəssüf edirəm ki, bu məsələyə birtərəfli yanaşılır. Bir misal çəkmək istəyirəm. Elə bu gün bəzi qəzetlərin səhifələrində çox böyük başlıqla Gürcüstanın daxili işlər nazirinin birinci müavininin məhz İnternet resurslarında jurnalist haqqında məlumatları qanunsuz yerləşdirməsi ilə bağlı yazırlar ki, Gürcüstan Azərbaycana nümunə göstərdi. Yəni daxili işlər nazirinin birinci müavini bu qanunsuz hərəkətinə görə həbs olunub. Bu, alqışlanır və qəzetlər bunu hətta manşetə  çıxarıb. Axı, nə üçün nazirin və yaxud da nazir müavinin, dövlət məmurunun əməli qanunsuz olanda biz bunu alqışlayırıq. Amma jurnalist həmin əməli nazirə, onun müavininə, ayrı-ayrı şəxslərə, vətəndaşlara qarşı törədəndə və ona münasibətdə qanunu tətbiq etdikdə pisləyirik. Axı, biz deyirik ki, qanun qarşısında hamımız bərabərik. Qanun heç kimə imkan verməməlidir ki,– söhbət təkcə jurnalistlərdən getmir, – kimsə evində oturub istənilən şəxs haqqında böhtan və təhqir dolu informasiyanı geniş şəkildə İnternet vasitələrində yaysın. Burada vətəndaşlardan da söhbət gedə bilər. Biz qanunun aliliyini və insanların qanun qarşısında bərabərliyini qoruyuruq.
Bayaq burada həmkarlarım qeyd etdilər, bəzi videogörüntülərlə bağlı müxtəlif fikirlər var idi. Biz də hesab edirik ki, heç kimin şəxsi həyatına müdaxilə etmək olmaz, istər müxalifətçi, istərsə də iqtidar olsun. Hamı qanun qarşısında bərabərdir. Amma indi bu boşluq doldurulduqdan sonra prokurorluq və hüquq mühafizə orqanlarının əllərində kifayət qədər əsas olacaq. İstər məmur olsun, istərsə də adi vətəndaş bu əməli törətdikdə artıq onların əməlləri həmin maddə ilə tövsif olunacaq. 147 və 148-ci maddələrdə edilən dəyişiklikləri siyasiləşdirmək, bundan şəxsi məqsədlər üçün istifadə etmək düzgün deyil. Bu, qanunun aliliyi, qanundakı boşluğun doldurulması, həm də insan hüquq və azadlıqlarının qorunmasına xidmət edən bir məqamdır.
İnzibati Xətalar Məcəlləsi ilə bağlı. Mən də bayaq komitəmizin sədri Əli müəllimin qeyd etdiyi kimi, inzibati həbs müddətinin 3 ay artırılmasını təqdirəlayiq hesab edirəm. 15 gün müddətində inzibati həbs sovet dövründən qalıb və tənbehedici və təsiredici funksiyanı kifayət qədər yerinə yetirə bilmir. Bu baxımdan üç aylıq həbs müddətinə mən də tərəfdaram. Eyni zamanda, həmkarım Qüdrət müəllimin fikirləri ilə də razılaşmaq məcburiyyətindəyəm. 68-1-ci maddə narkotik maddələrin şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi ilə bağlıdır. Yəni şəxs özü üçün nəzərdə tutulan miqdarı aşmayıbsa, onun həbs müddətinin 2 aya qədər uzadılmasına tərəfdar deyiləm. Nəyə görə? Çünki bəzi hallarda bu, sui-istifadələrə, ayrı-ayrı adamların şərlənməsinə və bundan müəyyən məqsədlər üçün  istifadə olunmasına gətirib çıxaracaq. Əgər biz araq içəni, sərxoş vəziyyətdə gördüyümüz insanları cəzalandırmırıqsa, şəxsin qanunla müəyyən edilmiş normada nə isə qəbul etməsinə də sanksiyanı artırmamalıyıq.
Təbii, nəqliyyat vasitələrinin idarə edilməsi ilə, avtoxuliqanlıqla bağlı 296-1-ci maddədə dəyişikliklər təqdirəlayiqdir. Əksinə, mən çox istərdim ki, Baş Prokurorluq həmin maddənin 1-ci hissəsində 1 ayı 2 ay, 2-ci hissəsində isə 2 ayı 3 ayla əvəz etsin. Hörmətli Namiq müəllim də iclasda iştirak edir. Avtoxuliqanlıq heç xuliqanlıqdan fərqlənmir. Bunun adını heç avtoxuliqanlıq qoymasaq da olar. Xuliqanlıq cəmiyyətə açıq hörmətsizlikdir. Namiq müəllim, həmin maddədə 1 ayı 2 ayla, 2 ayı 3 ayla əvəz etmək daha ədalətli olardı. Cəmiyyətimizin, vətəndaşların, həm də elə yol polisi işçilərinin də canı bu avtoxuliqanlardan qurtarar.
Toplantılarla bağlı burada müxtəlif fikirlər səsləndi. Mən hesab edirəm ki, toplantının təşkilatçıları ilə iştirakçıları arasında fərq qoyulmalıdır. Əgər biz təşkilatçılar üçün 2 ay inzibati həbs nəzərdə tuturuqsa və bunu da alqışlayırıqsa, iştirakçılar üçün də 2 ay həbsin tərəfdarı deyiləm. Toplantıda iştirak edənlərin sayı qeyri-məhduddur, bəzən onlarla, yüzlərlə olur. Bu gün bizim bu qaydaları pozan vətəndaşları inzibati həbsdə saxlamaq üçün heç kifayət qədər yerimiz də yoxdur. Yəni inzibati qaydada 30–50 nəfərdən artıq insan saxlanıla bilməz. Bu yerlər əvvəldən olmayıb. Bu gün elə bir aksiyada yüz nəfər saxlanılsa, onları saxlamaq üçün Azərbaycanda kifayət qədər yer yoxdur. Ona görə çox istərdim ki, bu məsələdə razılaşdırılmış formada ortaq məxrəcə gələk.
Bir də, hörmətli prokurorluq nümayəndələrindən bir məsələni aydınlaşdırmaq istərdim. 313-2.1-1-ci maddədə yol hərəkəti qaydaları əleyhinə inzibati xətalarla bağlı məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gündən 25 gün müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə... “25 gün” anlayışına mən hüquq elmində birinci dəfədir, rast gəlirəm. 15 gün, bir ay ola bilər. Mən təklif edirəm ki, Namiq müəllim, 25 günü bir ay ilə əvəz edin. Bu, texniki xarakterli bir məsələdir. “25 gün” heç vaxt rast gəlmədiyim bir rəqəmdir.
Ümumiyyətlə, mən Baş Prokurorluq tərəfindən təqdim olunan hər iki qanun layihəsini dəstəkləyirəm. Hesab edirəm ki, bizim sadə vətəndaşlardan tutmuş, müəyyən sahələrdə çalışan dövlət qurumu nümayəndələrinin, yəni bayaq qeyd etdiyimiz icra məmurlarının, yol polisi əməkdaşlarının, polislərin və digərlərinin də öz qanuni fəaliyyətlərini həyata keçirmələri üçün kifayət qədər təsirli tədbir olacaq. Eyni zamanda, yol hərəkəti və digər qaydalarla bağlı baş verən qanunsuzluqların aradan qaldırılmasında hüquq mühafizə orqanlarının razılığını qazanacaq və onlar bizə “sağ ol” deyəcəklər. Mən həmkarlarımı bu qanun layihələrinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Üç deputat çıxış üçün təkid edir. Ona görə bir xahişim var. Siz özünüz fasiləsiz işləmək istədiniz. Gündəlikdəki məsələlər bitənə qədər işləyəcəyik. Xahiş edirəm, çıxışlar bir az konkret olsun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən bir daha parlament üzvlərinə, həmkarlarımıza xatırladıram ki, millət vəkili kimi hansısa məsələdə iştirak etmək, müzakirələrdə mövqe sərgiləmək onların konstitusion borcudur. Əgər kimsə burada iştirak etmək istəmirsə, çox sakitcə durub gedə bilər. Məncə, bundan sonrakı dövrdə Daxili Nizamnamədə dəyişiklik etməliyik. Məsələlərin sadə səs çoxluğu ilə qəbul olunması bayaqdan xeyli təriflədiyimiz Avropanın da daxili reqlament sistemidir. Türkiyəyə qarşı məlum saxta soyqırımı sənədini parlamentin heç 10 faizinin iştirakı olmadan qəbul etmişdilər. 
Cənab Sədr, ilk növbədə, bir neçə xüsusi fikrimi vurğulamaq istəyirəm. Bizi vestibüldən izləyən media təmsilçiləri bu informasiyaların təqdimatını, təbii, özləri bildikləri kimi çatdıracaqlar. Amma ən başlıcası budur ki, məsələyə bir qədər diqqətlə yanaşsınlar. Bu da ondan ibarətdir ki, təhqirə görə cinayət məsuliyyəti yalnız o zaman işə düşür ki, vətəndaş özü bunu özünə qarşı bir qəsd, şərəf və ləyaqətinin tapdalanması sayır. Əgər şəxs belə saymırsa, onda bu müddəa işləməyəcək və dinc yanaşı yaşama mövcud olacaq. Ona görə də kimsə düşünməsin ki, burada tərəf dövlətdir. Cinayət Məcəlləsinin digər müddəalarındakı kimi ağır hadisə baş veribsə, dövlət artıq bu  işdə iştirak edir. Bu müddəa onlarla eyni deyil. Birmənalı şəkildə bu müddəa vətəndaş haqlarının qorunması üçündür, vətəndaş müraciət etdikdə, dövlət orqanı arasındakı münasibətlər sistemində həmin müddəa işə düşür. Ona görə də biz təqdimatı yanlış etsək, bir çoxlarında təsəvvür yaranacaq ki, guya qanunvericilər İnternet media üzərində yasaq və tabu sistemi yaradırlar. Bu, qətiyyən belə deyil. Bu birinci məsələ.
İkinci, əlbəttə, hamımız Avropanı çox istəyirik, oraya çox səfərlər edirik. Onların üstün dəyərlərini də görürük. Amma dünya təkcə Avropadan ibarət deyil. Dünyanın həm də Asiya qitəsi, Asiya qütbü var. Məsələn, Malayziya, Cənubi Koreya və başqa dövlətlər var. Onların da öz modelləri var. Bütün həyatımızı Avropa standartları ilə ölçmək istəyən dairələrə də biz hərdən deyirik ki, Malayziyada da yaşayan insandır. Onun da təhqirə qarşı bir münasibəti var və sair. “Dünyada şərəf və ləyaqəti qoruyan, şərəf və ləyaqəti belə düşünməyən, amma demokratiyanı, söz azadlığını bərqərar edən yalnız avropalılardır” kimi yanaşma çox yanlışdır.
Üçüncü məsələ mənim o zaman diffamasiya haqqında verdiyim sualla bağlıdır. Onda da  beynəlxalq qurumun təmsilçiləri buna cavab verə bilmirdilər. Tutaq ki, biz bunun tərəfindəyik. Deyirsiniz ki, bu, vətəndaşa yönəlik qanun deyil, diffamasiya “public person”lar, yəni vəzifəli şəxslərə aiddir. Bu insanlar dünyanın hər yerində təhqir olunmalıdırlar. Əgər sən vəzifəyə seçilməyə, təyin olunmağa qərarlısansa, bəri başdan gözə almalısan ki, səni təhqir edəcəklər. Vətəndaşın belə bir təhqir azadlığı hüququ var. Biz onda deyirdik ki, yaxşı, bu qanunu qəbul edən kimi biz, –dönə-dönə üzr istəyirəm, – sizi söyməyə başlayacağıq. Siz bunu qəbul edəcəksinizmi? Yəni ATƏT-in, Avropa Şurasının nümayəndələrinin ən ağır sözlərlə təhqir olunmalarını qəbul edəcəksinizmi? Yox, qətiyyən.
ATƏT-in media azadlığı üzrə nümayəndəsi var idi – Mik-loş Haraşti. O, bu məsələləri stimullaşdıran, tirajlandıran, dəstək verən tədbirlərin birində belə mövzuya çox hikkə ilə, amiranə formada reaksiya vermişdi. Mən bunu çox yaxşı xatırlayıram. Ona görə də mənim üçün formul belədir: “maşın qəzası ilə söz qəzasının heç bir fərqi yoxdur”. Maşın qəzasından da adam ölə bilir, söz qəzasından da. Düstur budur. Mən öz aləmimdə belə düşünürəm.
Mən də Facebookda fəal olan insanlardan sayılıram. Onun da adını sosial media qoymuşuq. Adamlar niyə təhqir edirlər? Bunu, doğrudan, başa düşmək istəyirsən. Siyasi hakimiyyətə, cəmiyyətə, ölkənin ümumi quruluşuna qarşı hansısa fikrini bildir, alternativ mövqeyini ortaya qoy. Axı, niyə təhqir olunsun? Təhqir niyə cinayət sayılsın? Ya biz şərəfi və ləyaqəti qorumayan bir cəmiyyət formalaşdırmalıyıq, ya da şərəf və ləyaqət qaydalarını tanımalıyıq. Yenə də sərbəst şəkildə öz mövqelərini ortalığa qoy. Ona görə də mən düşünürəm ki, bizim bugünkü cəhdlərimiz heç bir halda nə senzura tətbiqi kimi, nə də İnternet sistemini cilovlamaq kimi qiymətləndirilə bilər.
Ümumiyyətlə, bu gün İranın adı çox çəkildi. Birini müsbət planda qoy onda çəkim. Onların dini lideri Xameneyinin Facebookda hesabı var. O da dünya müsəlmanları, İslam etiqadlıları ilə Facebook üzərindən münasibətlərini qurur. Azərbaycanda rəsmi orqanların hamısının, o cümlədən dövlət başçısının özünün Facebookda hesabı var. O deməkdir ki, hamı bunun bir okean, cəmiyyətlə ünsiyyətdə mühüm imkanlara malik olduğunu nəzərə alır. Bu gün İnternet mediası ekranlardan, çap mediasından üstün bir imkana malikdir. Ancaq biz bəlli qaydaları tanımasaq, bu bir nüvə silahına çevrilir. Həmin adamlardan soruşsan ki, sən özün təhqir olunsan, bunu qəbul edərsənmi? Birmənalı şəkildə “yox” deyəcək. Bu düstur mənim anlamımda ondan ibarətdir ki, biz bu gün adı çəkilən qanun aktlarında dəyişikliklərlə cəmiyyətin maraqlarına daha çox xidmət etmiş oluruq.
Bir başqa məsələni də qısa şəkildə qeyd edim, bununla da qurtaracağam. Cənab Sədr, Culian Assanj bir ilə yaxındır ki, informasiyanı qanunsuz vasitələrlə əldə etdiyinə görə ittiham olunur. Yəni rəsmi adı belədir. Amma o da bir portal sahibi idi. Başının dəstəsi ilə məxfi kodları qırıb əlinə keçirdiyi informasiyalarla dünyaya meydan oxumağa başladı. Azərbaycan jurnalistlərinə hamımızın böyük hörmətimiz, çox böyük sevgimiz var. Avropa demokratiyası Culian Assanja münasibətdə niyə belə hikkə ilə davranır? Düşünürəm ki, əslində, həyatımızın bir çox sahələrində Avropa demokratiyasını, onun sistemlərini bərqərar etməklə yanaşı, istər mitinq azadlığına münasibətdə, istər digər prosedurlarda, istərsə də media məsələlərində bəlli çərçivələri tanımasaq, onda sözün həqiqi mənasında cəmiyyət üçün daha bir problem yaranacaq. Burada dövlət orqanlarının xüsusi qorunmağa ehtiyacı yoxdur. Mən sizi inandırıram, Facebookda ayrı-ayrı insanlara, o cümlədən bəzi həmkarlarımıza ünvanlanan təhqirləri ifadə etmək üçün yeni bir söz lazımdır, çünki Azərbaycan leksikonunda belə ifadə yoxdur. Nədən desən, istifadə edirlər, nəyi deyirsən, kütləviləşdirirlər. Bunun bir forması tapılmasa, ciddi problem olacaq.
Sonda Namiq müəllimə bir sualım var. Təbii, o bir texniki qapalılıq sisteminə malikdir, anonimlik var. Bütün canlıların şəkli ilə silahlanıb  İnternet dövriyyəsində fəal olanlar var. Mən həmin forumları bir qırağa qoyuram. Yaxşı, bunlara qarşı xüsusi qurğularla prokurorluq orqanları münasibətini sərgiləyəcəksə, avtomatik digər hissələr də var. Vətəndaşların hüquqları var ki, bir-birləri ilə yazışsınlar, məktublaşsınlar, burada öz sevgilərini ifadə etsinlər. Bu dəyişikliklər onların həyatına da hansısa formada müdaxilə olmayacaq? Məxfi xidmət orqanları burada işə qarışacaqlarsa, bu, insanların öz həyatları ilə bağlı paylaşmalarına müdaxilə olmayacaq? Çox sağ olun. Mən bu sənədə səs verəcəyəm.
Sədrlik edən. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, əslində, çox kiçik dəyişikliklər də olsa, çox vacib və müzakirə yaradan məsələlərdir. Ona görə düşünürəm ki, bununla bağlı fikrimizi bildirməliyik. Yəni bu məsələ hələ uzun müddət müzakirə olunacaq. Ona görə də bir neçə fikrimi bölüşməyi lazım bildim. Əvvəla, onu deyim ki, hər iki dəyişikliyi dəstəkləyirəm. Çalışacağam ki, fikrimi əsaslandırım və müxtəlif ölkələrin təcrübəsindən misallar göstərim.
Burada İnzibati Xətalar Məcəlləsində dəyişikliklərlə bağlı bir neçə fikir var ki, bunları mütləq bildirməliyəm. Həmin fikirlərdən biri ondan ibarətdir ki, biz narkotik vasitələrdən istifadə ilə bağlı qanunu sərtləşdiririk. Amma bundan əvvəl biz dispanserlərin sayını artırmalıyıq. Bu gün bütün dünya təcrübəsi göstərir ki, biz nə qədər çox narkotik istifadəçilərini həbs etsək və ya daha ağır cəza versək... Bütün dünyada proses belədir ki, onların sağalması üçün imkan yaratmalıyıq. Azərbaycanda da bu istiqamətdə ciddi işlər görülməlidir. Ona görə də düşünürəm ki, biz bu məsələlərə bir də baxa bilərik.
Avtoxuliqanlıqla bağlı Çingiz müəllimin fikri ilə razıyam. Yəni bizim yol polislərimiz çox əziyyət çəkirlər. Əhalidən də çoxlu şikayətlər gəlir. Nə qədər sərt cəza varsa, onu tətbiq etməliyik. Çünki bu artıq insanların həyatı ilə bağlı məsələdir. Burada kiməsə özünü göstərmək, yaxud özünü güclü hesab etmək məsələsi yoxdur, sadəcə, dövlətin qanunlarına riayət edilməlidir. Ümumiyyətlə, forma geyən adama müqavimət göstərmək heç bir ölkədə yaxşı qarşılanmır. Bir neçə ölkədə isə çox ağır cəza verilir. Bizdə hələ bununla bağlı qanunvericilik çox liberaldır.
O ki qaldı böhtanla bağlı, burada fikirlər bildirildi, təbii ki, Facebook, Twitterin bağlanması və yaxud da məhdudlaşdırılması məsələsi gündəmdə yoxdur və ola da bilməz. Yəni Azərbaycan demokratik ölkədir, birmənalı olaraq başa düşülməlidir ki, bunun qarşısının alınması, bağlanması söhbəti getmir. Biz də bunlardan istifadə edirik və artıq orada təkcə böhtan deyil, açıq küçə söyüşləri görürük. Müxtəlif dövlət qurumları nümayəndələrinin, sadə insanların, jurnalistlərin, alimlərin adları çəkilir. Hətta yeni bir meyil yaranıb, şəkilləri də dəyişərək, biədəb şəkillər qoyurlar. Mən razı deyiləm ki, Azərbaycanda şərəf və ləyaqət Kanadada və yaxud da Fransada olduğundan fərqlidir. Şərəf və ləyaqət hər yerdə eynidir. Özünə hörmət edən insan hər yerdə özünə hörmət edir. Bunun qanuni çərçivəyə salınması hətta gecikmiş addımdır. Bütün dünyada “Facebook”, “Twitter” və digər sosial şəbəkələrə nəzarət olmasa da, qanuna tabelilik var. Amma bizdə bu sahədə böyük boşluqlar var. Ona görə də mən bu dəyişiklikləri dəstəkləyirəm və əlavə etmək istəyirəm.
Bundan əvvəl mən bir neçə ölkənin qanunvericiliyinə baxdım. Amerika Birləşmiş Ştatlarında bu əməllər kibercinayətkarlıq, kibertəhlükəsizlik adlandırılır. Hər bir insanın öz fikrini sosial mediada ifadə eləmək haqqı və hüququ vardır.  Amma bunun üslubu var. Sən aidiyyəti olmayan məsələdə insanı necə təhqir edə bilərsən, nəyə görə? Bəlkə onunla şəxsi-qərəzliyin var, sən bunu başqa şəkildə edə bilərsən. Sən ictimaiyyətə və həmin insanın nüfuzuna xələl gətirirsən. Bu insan sənin haqqında heç bir fikir demir. Deyək ki, dövlətin mövqeyini, Azərbaycanın müstəqilliyini dəstəkləyir. Burada təkcə iqtidar və ya müxalifətdən deyil, ümumiyyətlə, təhqirdən və söyüşdən söhbət gedir. Bu gün təəssüflər olsun ki, Facebookda belə səhifələr var və bu tendensiya artıq bir dəbə çevrilib. Bu dəbin qarşısını almaq lazımdır. Bunun üçün də qanunlarımız var. Mən bu layihələri hazırlayanlara təşəkkür edirəm ki, qanunlarda bu cür dəyişikliklər edir və müzakirəyə çıxarırlar.
Növbəti bir məsələ burada diffamasiya və böhtanın səviyyəsi ilə bağlıdır. Diffamasiya haqqında qanun böhtanın qarşısını alınması və bu istiqamətdə fəaliyyətin çərçivəyə salınması məqsədi daşıyır. Misal üçün, İngiltərədə bunu andlılar məhkəməsi həyata keçirir. Orada həmin insanı cəmiyyət qarşısına çıxarırlar və ictimaiyyətin nümayəndələri ona sübut edirlər ki, sən bu böhtanı nəyə görə yayırsan, həyata keçirirsən? Məhkəmə formal olaraq yox, ictimaiyyət nümayəndələrinin seçdiyi insanlar tərəfindən həyata keçirilir. İsveçrədə istənilən vasitə ilə – televiziya, radio, qəzet, hətta şəxsi yazışma ilə də hər hansı bir insanı təhqir edirsənsə, maksimum 3 ilə qədər həbs nəzərdə tutulur. Çexiyada 1 ilə qədər, Danimarkada 267-ci maddə ilə 6 aydan 2 ilə qədər həbs nəzərdə tutulur. Bu prosesləri artıq köhnə Avropa keçib. Bu bizim də borcumuzdur, jurnalistləri qınamaq olmaz. Biri çıxıb deyir ki, mən tutuquşuyam, digəri deyir, mən  ölü görürəm. Jurnalist də bunları yazır. Bu, tamamilə başqa məsələdir. Amma artıq böhtan olan yerdə bizim qanunumuz işə düşməlidir və işə düşəcək.
Mən bu istiqamətdə edilən dəyişiklikləri dəstəkləyirəm. Əli müəllimə yazılı şəkildə təklifim olacaq. Biz kibercinayətkarlıqla da bağlı qanun qəbul etməliyik. Hansısa dövlət qurumu və yaxud şəxsi informasiya portalına hücum edilir, saytın məlumatları dağıdılır. İnsanlar əziyyət çəkib həmin saytın məlumat bazasını toplayırlar. Biz bir neçə il bundan qabaq kibercinayətkarlıq və təhlükəsizliklə bağlı konvensiyaya qoşulduq. Amma bunu yerli qanunvericilikdə də tətbiq etmək lazımdır. Burada təkcə informasiya oğurlanması yox, digər oğurluqlar da həyata keçirilə bilər. Mən düşünürəm ki, biz özümüz də, istər dövlət məmurları, istərsə də millət vəkilləri şərait yaratmalıyıq ki, bu məsələlər gündəmə gələndə qanun çərçivəsində həll edilsin. Bir də, ictimaiyyətdə olan insan öz sözlərinə fikir verməlidir. Burada yeni heç bir şey yoxdur. Hər yerdə belədir, Azərbaycanda da belə olmalıdır.
Mən yenə deyirəm, bizim opponentlər Facebookdakı böhtanlara, Twitterdəki yazılara baxsınlar. Bu heç bir cəmiyyətə uyğun deyil. İstər ən liberal dəyərləri bölüşən cəmiyyətdə, istərsə də başqa cəmiyyətdə bunun qarşısı alınmalıdır. Böhtan, söyüş yazma, öz fikrini, arqumentlərini bildir. Bu nədir? Bu, digər informasiya mənbəyini buraya cəlb etməkdir. Böhtan, söyüş yazmaqla çalışırlar ki, daha çox insanı oraya cəlb etsinlər.
Sonda bir məqamı da deyim, Oqtay müəllim. Yeni bir tendensiya ondan ibarətdir ki, üç gün ərzində hansısa sayt qeydiyyatdan keçir. Ora yüz faiz yalanlar yazılır və digər tanınmış bir informasiya saytı bu mənbəyə istinad edərək məlumat verir və sonra deyir ki, bunu mən yaymamışam, başqa bir mənbədəndir. Buna ciddi nəzarət etmək lazımdır. İstənilən veb – səhifəni aça bilərik, amma mühüm informasiyaların yazılması, onun böhtan və yalan olması artıq qanun çərçivəsində həllini tapmalıdır. Diqqətinizə görə təşəkkür edirəm. Həmkarlarımı bu qanun layihələrinə səs verməyə çağırıram.
Sədrlik edən. İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında təklif edilən qanun layihəsində inzibati həbs müddətinin 15 gün əvəzinə 3 ay müəyyən edilməsi nəzərdə tutulur. Ən maraqlısı da budur ki, prokurorun fikrincə, belə bir dəyişiklik guya demokratik dəyərlərə və prinsiplərə söykənir və daha humanist yanaşmadır. “Humanist yanaşma” dedikdə layihənin müəllifləri nəyi nəzərdə tuturlar?
Məlumdur ki, humanizm bir nəzəriyyə və idarəçilik fəaliyyətinin prinsipi kimi ideyalar sistemindən və onlardan doğan tələblərdən ibarətdir. Lakin humanizm konsepsiyasının əsasını insanın ali sərvət olması təşkil edir. Bu prinsip hər hansı bir hüquq pozucusuna da ilk növbədə insan, vətəndaş kimi münasibət bəslənməsini, onların qanuni hüquqlarının təmin edilməsini, onlara əzab və işgəncə verilməməsini tələb edir. Humanizmin mahiyyət əlaməti olan ədalət prinsipi tələb edir ki, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən inzibati cəza xətanın xarakterinə, onun törədilməsi hallarına uyğun  olsun. Əlbəttə, inzibati xətaya görə həbs müddətinin 15 gündən 3 aya qaldırılması hər hansı bir inzibati xətanın xarakterinə uyğun deyil.
Digər tərəfdən, biz hüquqi dövlət quracağımızı Konstitusiyamız vasitəsilə bütün dünyaya bəyan etmişik.  Odur ki, bütün fəaliyyətimizdə, xüsusilə qanun yaradıcılığında hüquqi dövlət konsepsiyasına uyğun fəaliyyət göstərməliyik. Hüquqi dövlət  konsepsiyası tələb edir ki, insanları totalitar rejimlərdə olduğu kimi, ciddi qadağalar əsasında, cəzaların ağırlaşdırılması yolu ilə deyil, inandırma, icazə ilə tərbiyə edək. Deməli, fəaliyyətimizdə icazəverici və həvəsləndirici normalar üstünlük təşkil etməlidir. Bu baxımdan da prokurorun təklifini qəbul etmək olmaz.
Fikir  verin, bu təkliflə inzibati həbsin müddəti cinayət cəzasının müddəti qədər olur. Axı, cinayətkara tətbiq olunan cinayət cəzasının aşağı həddi də  3 aydır. Digər tərəfdən, ən ağır cinayətlərə görə cinayətkar haqqında qətimkan tədbiri 2 ay müddətinə seçilir. Müəmmalı əsgər ölümlərinə etiraz edən, mitinqə çıxanlara 2 ay müddətinə inzibati həbs verilir. Bu heç cür başa düşülən deyildir. Konkret maddələrə olan dəyişikliklər barəsində hörmətli həmkarım Qüdrət Həsənquliyevin dediklərini tamamilə dəstəkləyirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən bir çox çıxışlara qulaq asdım, hamı Cinayət Məcəlləsinə edilən dəyişikliklərlə bağlı danışır. Mən də istərdim, belə bir qanun çoxdan qəbul olunsun. Ancaq heç kim danışmadı ki, bu qanun nəyə dəstək olacaq? Bu dəyişiklik, əsasən, insanlarımızı mədəniyyətə, tərbiyəyə dəvət edən, xəbərdaredici dəyişiklikdir. Bu haqda heç kim danışmadı. Hamı cinayətdən danışır. Bəs təhqir olunan, karikaturaları çəkilən insanlar bizim cəmiyyətin üzvləri deyildirlər? Mən bu dəyişikliyin əsas məğzini bəzi insanlarımızı mədəniyyətə dəvət etməsində görürəm. Jurnalist Facebookdan istifadə edə bilər.
Mən də bu qanun layihəsinin lehinə səs verirəm. Xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 15.11 dəq.)
 Lehinə  98
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  101
 Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Beşinci, İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi  haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.
Səsvermənin nəticələri  (saat 15.12 dəq.)
 Lehinə  95
 Əleyhinə  4
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Altıncı məsələ Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illər Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev ölkədə iqtisadi biznes mühitinin yaxşılaşması istiqamətində ciddi tədbirlər həyata keçirir, sahibkarlıq mühitinin yaxşılaşması üçün dəyərli işlər görür.
Cənab Prezident tərəfindən Milli Məclisə Azərbaycan Respublikasında sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərini, təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, onların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyənləşdirən bir sənəd təqdim edilmişdir.
Layihə 38 maddə və 10 fəsildən ibarətdir. Layihənin “Ümumi müddəaları”nda əsas anlayışlar, yoxlamaların tətbiq dairəsi, yoxlamaların qanuniliyi, məqsəd və prinsipləri ilə bağlı məsələlər öz əksini tapmışdır. Layihədə yoxlamaların keçirilməsi prinsipləri də müəyyən olunub. Burada xüsusi olaraq hüquq pozuntusunun qarşısının alınmasının həmin pozuntuya görə cəzalandırılmaqdan üstünlüyü prinsipini, dövlət nəzarəti tədbirlərinin qabaqlayıcı xarakter daşıdığını və cəzalandırmadan daha çox kömək məqsədi ilə həyata keçirildiyi prinsipini qeyd etmək lazımdır. Belə prinsiplərin, fikrimizcə, qanunvericiliyə daxil edilməsi daha çox sahibkara kömək vasitəsi kimi qəbul olunmasına imkan verəcəkdir.
Layihənin 2-ci fəslində sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsi ilə bağlı  müddəalar nəzərdə tutulur. Belə ki, yoxlama zamanı yerinə yetirilməsi yoxlanılan məcburi tələblər Azərbaycan Respublikasının qanunları və onlara uyğun qəbul edilmiş digər normativ  hüquqi  aktlarla müəyyən edilməli, sahibkarlıq fəaliyyətinə irəli sürülən məcburi tələblərin, yoxlamaların keçirilməsi ilə bağlı hər hansı normativ hüquqi aktların müddəaları aydın olmadıqda və yaxud həmin müddəalar arasında ziddiyyət aşkar edildikdə qərar sahibkarın xeyrinə qəbul edilməlidir. 
Layihənin 8-ci maddəsində yoxlayıcı orqanın sahibkara məsləhət xidmətləri göstərməsi ilə bağlı müddəalar nəzərdə tutulur. Belə ki, sahibkara məsləhət xidmətinin göstərilməsi yoxlayıcı orqanın səlahiyyətlərinə aid məsələlər üzrə sahibkara qanunvericiliyin tətbiqi ilə bağlı yazılı və şifahi şəkildə izahat verməsini, habelə qarşıya çıxan çətinliklərin aradan qaldırılmasına dair metodiki köməklik göstərməsini nəzərdə tutur. Layihədə yoxlamaların tənzimlənməsi sahəsində plan üzrə (növbəti) yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsi nəzərdə tutulur. 
Qeyd etmək istərdim ki, risk qiymətləndirilməsi sistemi Azərbaycanın yoxlama sistemi üçün bir qədər yeni müddəadır. Risk qiymətləndirilməsi sisteminin tətbiqi yoxlayıcı orqanlara imkan verəcək ki, sahibkarlıq fəaliyyətinin ayrı-ayrı növləri üzrə risk qruplarının müəyyənləşdirilməsi meyarına uyğun olaraq sahibkarlıq yüksək, orta və aşağı risk qrupları üzrə bölüşdürülsün və bunun əsasında yoxlamaların dövriliyinin uzunluğunu, hər bir növbəti il üçün plan üzrə yoxlamaları təyin etsin. Qanun layihəsində plan üzrə (növbəti) yoxlamaların aparılması dövriliyi yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə – ildə bir dəfədən; orta risk qrupuna aid edilən sahibkara münasibətdə – iki ildə bir dəfədən; aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə – üç ildə bir dəfədən çox olmayaraq müəyyən edilir.
Yeyinti məhsullarının təhlükəsizliyinə nəzarət sahəsində daha yüksək risk olduğuna görə burada xüsusi müddəalar müəyyən olunur. Plan üzrə növbəti yoxlamaların aparılması dövriliyi yüksək risk qrupuna aid edilən sahibkarlara münasibətdə – altı ayda bir dəfədən; orta risk qrupuna aid edilən sahibkarlara münasibətdə – ildə bir dəfədən; aşağı risk qrupuna aid edilən sahibkarlara münasibətdə – iki ildə bir dəfədən çox olmayaraq müəyyən edilir.
Qanun layihəsində irəli sürülən daha bir yeniliyə əsasən əgər son iki yoxlama nəticəsində sahibkarın fəaliyyətində məcburi tələblərin pozuntusu aşkar edilməmişdirsə və ya aşkar edilmiş pozuntular insanların həyat və sağlamlığı, ətraf mühit və dövlətin əmlak maraqları üçün birbaşa və mühüm təhlükə yaratmırsa,  həmin sahibkarda növbəti plan üzrə yoxlama onun aid olduğu risk qrupu üçün müəyyən edilmiş dövrilik 1,5 dəfə artırılmaqla təyin edilir. Yəni bu, sahibkarı dolayı yolla təşviq edir ki, o öz fəaliyyətini qanuni şəkildə qursun. İki ardıcıl yoxlama nəticəsində sahibkarın fəaliyyətində pozuntu aşkar olunmazsa, nəzarət orqanı artıq bir ildən sonra yox, bir il altı aydan sonra yoxlama keçirəcək.
Layihədə yoxlamaların elektron uçotu, yoxlamalar barədə illik hesabatlar, yoxlamaların vahid məlumat reyestri ilə bağlı məsələlər müəyyən olunur. Belə ki, risk qiymətləndirilməsi sisteminin tətbiqi məqsədi ilə layihədə yoxlamaların elektron uçotu nəzərdə tutulmuşdur. Layihədə hər iki təqvim ilinin sonunda yoxlayıcı orqanların keçirdikləri yoxlamaların məlumat reyestri aparılmalıdır. Bütövlükdə qanun layihəsinin 5-ci fəslində yoxlamaların təşkili və keçirilməsi ilə bağlı məsələlər müəyyən olunur. Layihəyə uyğun olaraq yoxlama aparılması əsasından asılı olaraq plan üzrə və plandankənar həyata keçirilir. Plan üzrə yoxlama yoxlayıcı orqan tərəfindən tərtib olunan və vahid məlumat yerləşdirilən illik plan əsasında aparılır. Yoxlama yoxlayıcı orqanın rəhbəri və ya onu əvəz edən şəxs tərəfindən imzalanan yoxlamanın aparılması haqqında qərar əsasında həyata keçirilir.
Layihədə təklif olunan daha bir yeniliyə əsasən yoxlamalar həyata keçirilərkən yoxlama suallarının siyahısının tətbiqi nəzərdə tutulur. Belə ki, yoxlanılan sahibkar haqqında məlumatların toplanmasında, yoxlamaların təhlili və qiymətləndirilməsində sistemliliyin, yoxlamaların effektliyinin və şəffaflığının təmin olunması məqsədi ilə bu yoxlama suallarının siyahısı tətbiq olunacaq. Yoxlama suallarının siyahısı müvafiq qanunların və onlara uyğun qəbul edilmiş digər normativ hüquqi aktların məcburi tələblərinin müfəssəl siyahısını əks etdirəcəkdir. Yəni yoxlayıcı orqan hansı məsələləri yoxlamağa gələcəksə, həmin məsələlər artıq əvvəlcədən müəyyən siyahıda olacaq, yoxlayıcı orqanın rəsmi İnternet səhifəsində veriləcək və istənilən sahibkarlıq subyekti baxa biləcək ki, bu yoxlayıcı orqan nəzarət sahəsi üzrə onu yoxlamağa gələndə hansı məsələlərə diqqət yetirəcək.
Layihədə məhsulun təhqiqi və məhsul nümunələrinin götürülməsi qaydaları, yoxlamalarının nəticələrinin rəsmiləşdirilməsi və yoxlama nəticələri üzrə qərarın qəbul edilməsi, şikayət və məsuliyyət, yekun müddəalar nəzərdə tutulur. Layihə hazırlanarkən sahibkarlıq sahəsində keçirilən yoxlamalarla bağlı islahatlar aparılmış, bir sıra ölkələrin müsbət təcrübəsindən istifadə edilmişdir. Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu komitələrində müzakirə olunarkən millət vəkilləri qanun layihəsini konseptual baxımdan birinci oxunuşda qəbul üçün məqbul saymış, eyni zamanda, qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən bir sıra dəyərli fikirlər söyləmişlər. Onlardan bəzilərini qeyd etmək istərdim.
Qanunun adının təkmilləşdirilməyə ehtiyacı var. Çünki dünya praktikasında bu cür qanunların adlarında “yoxlama” sözü yox, “nəzarət” sözü işlədilir. Bundan başqa, bilirsiniz ki, “Banklar haqqında”, “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” qanunlar var. Mərkəzi Bankın müstəsna hüquqlara sahibdir və Mərkəzi Bankı, onun əhatə dairəsini bu qanunla tənzimləmək çətin olacaqdır. Biz Mərkəzi Bankla bu məsələləri müzakirə etmişik. İqtisadçı alimlər, peşəkar mütəxəssislər, dünya təcrübəsi də göstərir ki, Mərkəzi Bank məsələsi bu qanundan kənarda qalmalıdır. Bütövlükdə qanun layihəsinin təkmilləşdirilməsinə ehtiyac var.
Lakin hesab edirik ki, cənab Prezident tərəfindən təqdim edilmiş qanun layihəsi qəbul edildikdən sonra heç şübhəsiz, Azərbaycanda sahibkarlıq mühitinin yaxşılaşdırılması, sahibkarlara olan subyektiv təzyiqlərin azalması üçün geniş imkanlar açılacaqdır. Bu isə bütövlükdə ölkədə iqtisadi mühitin daha da yaxşılaşdırılmasına, sahibkarlığın iqtisadi inkişafının strateji resurs rolunu oynamasına xidmət edəcəkdir. Millət vəkillərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Oqtay müəllim, məlumat üçün onu da deyim ki, artıq neçə vaxtdır, Milli Məclisin İqtisadi siyasət komitəsi, Milli Məclis Aparatının İqtisadi qanunvericilik şöbəsi və digər qurumlarla birlikdə işçi qrupu yaratmışıq. Artıq bu işçi qrup fəaliyyət göstərir. Yəqin ki, birinci oxunuşdan sonra millət vəkillərinin edəcəkləri təkliflər nəzərə alınacaq və qanun layihəsi daha mükəmməl şəkildə növbəti müzakirələrə çıxarılacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz dediniz ki, işçi qrupu yaradılıb. Mən də hesab edirəm ki, bu, vacib qanun layihəsidir, bunun üzərində çox işləmək lazımdır. Bu gün qanun layihəsinin birinci oxunuşudur. Mən çox xahiş edirəm ki, Milli Məclisin üzvləri layihəyə konseptual münasibət bildirsinlər. Təklif edirəm ki, çıxışlar üçün 5 dəqiqə vaxt verək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fasiləsiz işləyəcəyik. Buyursun Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri! Ölkədə sahibkarlığın inkişafı məqsədi ilə optimal mühitin yaradılması bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi, məqbul yolla yüksək keyfiyyətli, rəqabət qabiliyyətli məhsulların istehsalı Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının tərkib hissəsidir. Sahibkarlığın inkişafı sahəsində qəbul olunmuş normativ hüquqi sənədlər, sahibkarlığa dövlət maliyyə mexanizminin təkmilləşdirilməsi sadə adamlarda özünə inam hissini artırmış, sahibkarlıq fəaliyyətinin genişlənməsinə, xüsusilə regionlarda yeni sahibkarlıq subyektlərinin fəaliyyətə başlamasına şərait yaratmışdır.
Bu gün müzakirə etdiyimiz Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının mühafizəsi haqqında qanun layihəsinin qəbul edilməsi də əsassız yoxlamaların qarşısını alacaqdır. Adından göründüyü kimi, qanun layihəsi sahibkarların maraqlarını mühafizə etməklə sərbəst fəaliyyət şəraitini tənzimləyərək ölkədə sahibkarlıq mühitinin inkişafına xidmət göstərəcəkdir. Qanun layihəsində yoxlamaların həyata keçirilməsinin məqsəd və prinsipləri, yoxlayıcı orqanların səlahiyyətləri və yoxlayıcılara dair tələblər, yoxlamanın aparılma müddətləri konkret olaraq göstərilmişdir.
Burada yoxlayıcı orqanın səlahiyyətləri ilə yanaşı, sahibkarın da hüquqlarının qorunması haqqında müddəalar öz əksini tapmaqla sahibkarlara qanun çərçivəsində fəaliyyət göstərməsi üçün geniş imkanlar nəzərdə tutulmuşdur. Xüsusilə qeyd etmək istəyirəm ki, plan üzrə yoxlamaların aparılması dövrünün risk qruplarına bölünərək ayrı-ayrı kateqoriyalar üzrə bir, iki və üç ildə bir dəfə olaraq müəyyən edilməsi və yoxlama müddətinin sahibkarların böyük-kiçikliyindən asılı olaraq 10 və ya 5 günədək məhdudlaşdırılması sahibkarların fəaliyyətlərini uzunmüddətli yoxlamalara cəlb etmək kimi mənfi təsirlərdən qoruyacaq.
Qanun layihəsinin vacibliyini qeyd etməklə yanaşı, yoxlamaların keçirilməsi ilə bağlı 20-ci maddəyə bir təklifim də var. Maddədə yoxlamanın keçirilməsi üçün bütün şərtlər nəzərdə tutulmuşdur. Ancaq yoxlayıcının nümayəndəsi ilə sahibkar arasında şəxsi zəmində narazılıq ola bilər və bunun da yoxlama prosesinə müəyyən təsiri mümkündür. Düşünürəm ki, yoxlayıcının nümayəndəsinə qarşı müəyyən narazılıq olarsa, sahibkarın rəsmi müraciəti əsasında onun başqası ilə əvəz edilməsi haqqında bir bənd salınsa, daha da münasib olar.
Ümumilikdə qanun layihəsi çox geniş, aydın şəkildə tərtib olunaraq təqdim edilmişdir. Düşünürəm ki, bu qanun sahibkarlıq subyektlərinin sərbəst fəaliyyəti üçün vacib hüquqi sənəd olacaqdır. Qanun layihəsinə səs verəcəyəm, diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Azər müəllim. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu çox lazımlı bir qanundur və belə bir qanunun qəbul olunması ölkədə sahibkarlığın inkişafına, sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə, dövlət orqanları və özəl sektor arasındakı münasibətlərin daha yüksək və sivil şəkildə qurulmasına xidmət edəcəkdir. Şübhəsiz ki, bu qanunun qəbul olunması cənab Prezident tərəfindən dəfələrlə söylənilən və əyani şəkildə sahibkarlara göstərilən dəstəyin daha da artırılmasına və praktik olaraq sahibkarlıq fəaliyyətinin tənzimlənməsinə, davamlı hüquqi əsasların yaradılmasına gətirib çıxaracaqdır.
Hörmətli Ziyad müəllimin burada məruzə zamanı söylədiyi fikirlərin əksəriyyəti ilə şərikəm. Hesab edirəm ki, bu qanun layihəsinin konseptual baxımdan Milli Məclisdə qəbul olunması zəruridir və biz bunun qəbul edilməsinə səs verəcəyik. Amma eyni zamanda, bu qanun layihəsinin daha ciddi şəkildə işlənib təkmilləşdirilməsinə ehtiyac var. Xüsusilə ikinci oxunuşa hazırlanarkən təkcə Milli Məclisin ekspertləri, deputatlar və müvafiq icra hakimiyyəti orqanlarının ekspertləri deyil, eyni zamanda, Azərbaycan Sahibkarlar Konfederasiyası mütəxəssislərinin də işçi qrupuna daxil edilməsi sahibkar maraqlarının qanun layihəsində daha əyani şəkildə əksini tapmasına gətirib çıxarar. Eyni zamanda, hesab edirəm ki, bu qanun layihəsi ikinci oxunuşa hazırlanana qədər kütləvi informasiya vasitələrində birinci oxunuşdakı layihəni dərc etmək olar. Bütövlükdə ölkə sahibkarlarının və həmin sahədəki ekspertlərin fikirlərini də toplamaq maraqlı olar və bu qanunun mükəmməl olmasına xidmət edər. Mən də qanunun adı ilə bağlı təklifi dəstəkləyirəm və hesab edirəm ki, qanunun adından “yoxlamalar” sözü çıxarılmalıdır və “Sahibkarlıq fəaliyyətinin tənzimlənməsi haqqında qanun” adlansa, daha yaxşı olar.
Bu qanunun bank fəaliyyətinə aid edilməməsini də dəstəkləyirəm. Hesab edirəm ki, Azərbaycanda bank fəaliyyəti haqqında kifayət qədər mükəmməl qanunvericilik var və Mərkəzi Bank bu funksiyaları çox yaxşı şəkildə həyata keçirir. Onu da qeyd edim ki, ümumiyyətlə, Azərbaycanda bank sektoru, bank sistemi bizim ən uğurla qurulan və fəaliyyət göstərən sektorlardan biridir. Hesab edirəm ki, burada əlavə müdaxilələrə ehtiyac olmayacaq.
Başqa bir təklifim yoxlamaların tənzimlənməsi ilə bağlıdır. Bilirsiniz, bəzi sahələrdə yoxlamaların nəinki öncədən xəbərdarlıq edilərək, yaxud da planlı şəkildə, hətta qəflətən aparılması daha məqsədəuyğundur. Xəbərdarlıq etmədən yoxlama daha müvafiqdir. Məsələn, hər hansı bir sahədə əmək intizamının ciddi şəkildə pozulması, əmək təhlükəsizliyi qaydalarına riayət olunmaması və ya işçinin əmək müqaviləsi bağlanmadan işə götürülməsi, yaxud yanğından mühafizə xidmətinə dair tələblərin pozulması halları varsa, öncədən xəbərdarlıq edildikdə, 5 gündən sonra İqtisadi İnkişaf Nazirliyinin razılığı alındıqdan sonra həmin müəssisə qısa müddət ərzində belə nöqsanları müvəqqəti aradan qaldıracaq, yoxlamadan sonra isə yenə də öz fəaliyyətini davam etdirəcəkdir. Yəni bu tərəfi də fikirləşməyimiz yaxşı olar.
Eyni zamanda, qanun layihəsinin 9-cu maddəsində əksini tapmış sahibkarların risk qrupları üzrə bölgüsü, – Ziyad müəllim də söylədi, – bizim qanunvericilik üçün yeni bir məsələdir. Amma burada subyektivliyə yol verən hallar ola bilər, bunun da qarşısı alınmalıdır. Hesab edirəm ki, sahibkarları yalnız fəaliyyət sahəsinə görə risk qruplarına ayırmalıyıq. Qalan sahələrə görə risk qruplarına ayırsaq, burada subyektiv maraqlara şərait yaranacaq. Sahibkarlıq fəaliyyətinin miqyasına görə biz onu birinci, ikinci, yaxud üçüncü  risk qrupuna ayırmalıyıq. Bir sahibkarın maliyyə imkanı az, digər sahibkarın maliyyə imkanı dəfələrlə çox ola bilər. Bu o demək deyil ki, maliyyə imkanı az olanı tez-tez, böyük sahibkarı gec-gec yoxlamalıyıq. Yaxud da bir sahibkar bu il, digəri 10 il əvvəl fəaliyyətə başlaya bilər. Nəyə görə bunlar müxtəlif risk qruplarına salınmalıdır? Hesab edirəm ki, əgər risk qruplarına bölmək lazımdırsa, bu yalnız onların funksional təyinatlarına, göstərdikləri xidmətin, yaxud da  istehsal etdikləri malın xüsusiyyətlərinə görə bölünməlidir.
Sonra, başqa bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirdim, təəssüf ki, vaxt qurtarır, Ziyafət müəllim, deyə bilməyəcəyəm. Amma mən kütləvi informasiya vasitələrində gedən məlumata görə yoxlama keçirilməsinin əleyhinəyəm. Qalan 5 saniyə ərzində mən heç nə deyə bilməyəcəyəm, Ziyad müəllimə sonra...
Sədrlik edən. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! İqtisadiyyatın şaxələnməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Son illər əldə olunan nəticələr bu siyasətin ardıcıl həyata keçirilməsini bir daha sübut edir. Qeyri-neft sektorunda iqtisadi islahatların müvəffəqiyyətlə davam etdirilməsi bu sahəyə qoyulan investisiyaların ildən-ilə artması, biznes mühitinin yaxşılaşdırılması sahibkarlığın inkişafına son illər güclü təkan vermişdir. Əlbəttə, bu inkişafa mane olan amillər də mövcuddur və çox yaxşı haldır ki, bu maneələrin aradan qaldırılması üçün ölkə rəhbəri və müvafiq orqanlar tərəfindən mühüm tədbirlər həyata keçirilir.
Bizə təqdim olunan qanun layihəsi də sahibkarların maraqlarının müdafiə edilməsinə, onların hüquqlarının qorunmasına göstərilən diqqətin, qayğının ifadəsidir. İlk növbədə sahibkarların hüquqlarının bir daha qorunmasına, sahibkarlıq subyektlərinin hüquqi təminatının yaxşılaşdırılmasına xidmət edən bir sənəddir və bu baxımdan əhəmiyyətlidir. Sahibkarları daim narahat edən yerli və yersiz yoxlamaların bu qanunla tənzimlənməsi yaxşı haldır və düşünürəm ki, bütün sahibkarların ürəyincə olacaqdır. Əlbəttə, yoxlamaların bir orqan tərəfindən idarə edilməsi və aparılması daha məqsədəuyğun olardı. Bu bəzi neqativ halların və şəxsi maraqların aradan qaldırılmasına kömək edərdi, yoxlamaların daha peşəkarlıqla və səmərəli aparılmasına imkan yaradardı.
Sahibkarlar tərəfindən yol verilən nöqsanların əsas səbəblərini çox vaxt onların məlumatlandırılmamasında, maarifləndirilməməsində axtarmalıyıq. Əksər hallarda yoxlamalar keçirilərkən, qanun layihəsində də göstərildiyi kimi, sahibkarlar bununla əlaqədar lazımi məlumatlara malik olmurlar və nəticədə müəyyən çatışmazlıqlar ortaya çıxır. Çox yaxşı haldır ki, qanun layihəsində belə müddəalar öz əksini tapıb. Elə bilirəm ki, həmin müddəaların buraya əlavə olunması, maddələrdə şərh edilməsi gələcəkdə baş verə biləcək bəzi halların aradan qaldırılmasına imkan yaradacaqdır.
Qanun layihəsində yoxlamaların nəticələri ilə əlaqədar vahid məlumat reyestrinin aparılmasının vacibliyinin qeyd edilməsi çox mühümdür. Elə bilirəm ki, bu da şəffaflığın, aşkarlığın təmin olunmasına xidmət edir.
Bu qanun layihəsində yoxlama müddətinin dəqiq göstərilməsi də çox düzgündür. Bu müddət göstərilməlidir. Biz şahidik ki, bəzən sahibkarlıq fəaliyyəti üzrə yoxlamalar aylarla davam edirdi, uzanırdı və bu da haqlı olaraq sahibkarlarda narazılıq yaradırdı. İndi qanun layihəsində bu müddət müəyyən edilib. Düşünürəm, bu da işin xeyrinədir.
Ümumiyyətlə, təqdim olunan qanun layihəsi əhatəlidir, yaxşı hazırlanıb və həmkarlarımın da burada qeyd etdikləri kimi, birinci oxunuşun tələblərinə cavab verir. Lakin bu qanun layihəsinin təkmilləşdirilməsinə ehtiyac var. Elə bilirəm, ikinci oxunuşda təkmilləşdirmə işi aparılacaq və müvafiq maddələrə əlavələr ediləcəkdir. Mən qanun layihəsini dəstəkləyirəm, bunun lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Abbasov.
A.Abbasov. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Azərbaycan Respublikasında müşahidə olunan inkişaf dövlət tərəfindən sahibkarlıq sahəsinə göstərilən qayğı, bu sahədə şəffaflığın təmin olunması və sahibkarların hüquqlarının müdafiəsinə yönəlmiş yeni qanunvericilik aktının qəbulunu zəruri edir. Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında Azərbaycan Respublikasının qanunu bu günün tələblərinə cavab verməklə əhəmiyyət kəsb edən bir qanun olacaqdır. Bu qanun sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsiplərinin təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların vəzifəli şəxslərinin hüquqlarını, vəzifələrini və məsuliyyətlərini, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı tələbləri müəyyən edəcəkdir. Qanun layihəsi üzərində ətraflı araşdırma aparılaraq tərəfimdən onun tətbiqi sahələri və istiqamətləri öyrənilmişdir.
İlk növbədə qeyd etmək lazımdır ki, qanun layihəsinin adında qeyd olunan “yoxlama” sözü sahibkarlıq subyektləri tərəfindən müxtəlif cür qarşılana bilər. Belə ki, MDB ölkələrində bu növ qanunlarda həm “nəzarət”, həm də “yoxlama” sözü işlənilir. Lakin milli mentalitet və sahibkarlıq subyektləri tərəfindən qanunun anlamlı şəkildə qəbul olunması üçün “yoxlama” sözünün “nəzarət” sözü ilə əvəzlənməsi daha düzgün olardı.
Qanun layihəsinin müddəalarına istinad edərək belə bir qənaətə gəlmək olar ki, adıçəkilən yoxlamalar vergi yoxlamalarını çıxmaq şərti ilə sahibkarlıq subyektlərinə şamil edilir. Düşünürəm ki, bu yoxlamalar bank, sığorta və maliyyə sahələrinə şamil olunmamalıdır, çünki adıçəkilən sahələr lisenziya əsasında müvafiq nəzarətedici dövlət orqanı tərəfindən müəyyən olunmuş qaydada fəaliyyət göstərirlər. Məhz həmin orqan tərəfindən nəzarət tezliyi və üsulları müəyyən olunur.
Bu qanunun bank fəaliyyətinə şamil olunmasına gəldikdə “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanunun 46-cı maddəsində müəyyən olunduğu kimi, kredit təşkilatları üzərində nəzarətin, o cümlədən yerində yoxlamaların məqsədi beynəlxalq standartlara uyğun olaraq bank sisteminin sabit işinin təmin edilməsi, bank kreditlərinin və əmanətçilərinin maraqlarının qorunmasıdır. Bank nəzarəti daxili və xarici nəzarət formasında həyata keçirilir. Bu da öz növbəsində potensial təhlükələrə operativ reaksiya verməyə və gələcəkdə ciddi maliyyə riskləri və itkilərinin qarşısını almağa imkan verir.
Qanun layihəsi sahibkarlıq subyektlərində yoxlamaların səmərəliliyini və şəffaflığını artırmaq məqsədini daşısa da, bank yoxlamalarının məqsədini və xüsusiyyətlərini nəzərə almır. Məhz bu səbəbdən beynəlxalq təcrübəyə əsasən maliyyə, xüsusilə də bank sektorunda aparılan yoxlamalar müvafiq qanunlar, ya da bilavasitə kredit təşkilatlarının və bank nəzarəti orqanlarının fəaliyyətini tənzimləyən qanunlarla həyata keçirilir. Məlum olduğu kimi, bank yoxlamaları Azərbaycan Respublikası  Prezidentinin 2004-cü il 26 mart tarixli 42 nömrəli Fərmanına uyğun olaraq ölkə Prezidenti ilə razılaşdırılmaqla  2004-cü il 16 noyabrda qəbul edilmiş bank yoxlamalarının həyata keçirilməsinin prosedur qaydalarına müvafiq həyata keçirilir. Həmin sənəddə yoxlamaların şəffaflığı, optimal müddəaları, yoxlamaların aparılması və nəticələrinin rəsmiləşdirilməsi qaydaları aydın və dəqiq normalarla müəyyən olunur.
Vahid məlumat reyestrinə bank yoxlamalarının, risk qruplarının, habelə yoxlamaların nəticələrinin daxil edilməsi bank sisteminin sabitliyinə xələl gətirə biləcək məlumatların kənara ötürülməsi riskini yaradır ki, bu da bank sisteminə olan etimadın zəifləməsinə, sistemli risklərin yaranmasına və ictimaiyyətdə əlavə gərginliklərə səbəb ola bilər. Bu səbəbdən müzakirə etdiyimiz qanun layihəsinin qeyd olunan sahələrə şamil edilməsini məqsədəuyğun hesab etmirəm.
Hörmətli millət vəkilləri, iclasdan qabaq məhz bank sektorunda çalışanlarla, bu peşənin sahibləri ilə uzun söhbətlərimiz olub. Mənim bu gün səsləndirdiyim fikirlər də məhz həmin sahədə çalışan insanların fikirləri ilə üst-üstə gəlir. Bizim sıralarımızda da bu peşənin sahibləri, məhz bankçılar da var. Burada qeyd olunan bütün müddəalar və təkliflərim həmin insanların da fikirləri ilə üst-üstə gəlir.
Sahibkarlıq subyektlərinin bir neçə risk qrupuna aid edilməsi ilə bağlı müddəalar bir qədər ətraflı araşdırılmalıdır. Qanun layihəsinin 10.9-cu maddəsinə əsasən hər nəzarət sahəsi üzrə sahibkarın müəyyən risk qrupuna aid edilməsi...
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Valeh Ələsgərov, buyurun.
V.Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Mən çıxış etmək istəmirdim, ancaq təklif olundu ki, bu qanun layihəsinin adı dəyişdirilsin. Qanun layihəsinin adı dəyişilsə, “yoxlama” sözünün əvəzinə “nəzarət” və ya “dəyərləndirmə” sözü yazılsa, onda layihə konseptual cəhətdən dəyişməlidir. Çünki “yoxlama” sözünü əvəz edən hər hansı bir söz konsepsiya olaraq qanun layihəsinin mətnini dəyişəcəkdir. Ya da özümüzü aldatmaq istəyiriksə, başlıqda başqa bir söz, mətndə yenə “yoxlama” sözünün işlədilməsi davam edər.
İkinci konseptual məsələ isə anlayışlarla bağlıdır. Mən bu sözləri dəfələrlə demişəm. Hər bir qanun layihəsinin anlayışlar hissəsi önəmli hissəsidir. Bununla əlaqədar bircə misal gətirim. Məsələn, 21-ci maddə “Məhsulun təhqiqi (sınağı) barədə qərarın qəbul edilməsi” adlanır. 21.1-ci maddədə deyilir: “...hər hansı məhsulun və ya xammalın” (bundan sonra “məhsulun”)...” Xammal məhsulun bir hissəsi deyilmi? Əgər belədirsə, onda gərək “xammalın” sözündən sonra “hissələrinin, ayrı-ayrı komponentlərinin, indikatorların, katalizatorların (bundan sonra “məhsulun”) yazılsın”. Belə şeylərə diqqət yetirmək lazımdır.
Fikrimcə, konseptual olaraq qanun layihəsi çox yüksək səviyyədə, yüksək təcrübəyə malik insanlar tərəfindən hazırlanıb. Yəqin ki, məqsəd sahibkarlıq sahəsində fəaliyyət göstərən hər hansı bir insanı, qurumu dəstəkləmək, onlara yeni imkanlar yaratmaq üçün hazırlanıb. Ona görə də mən təklif edirəm ki, layihəyə səs verək, qəbul edək. Mütəxəssislərlə görüşüb bu qanun layihəsini ikinci oxunuşda müzakirə üçün daha yüksək səviyyəyə çıxarmaq lazımdır. Sağ olun.  
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Arif Əşrəfov.
A.Əşrəfov. Minnətdaram, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli həmkarlar! Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanun layihəsi bu gün, doğrudan da, çox aktual bir məsələdir. Bu, ilk növbədə, möhtərəm cənab Prezident tərəfindən sahibkarlıq subyektlərinə əsassız müdaxilələrin qarşısının alınması istiqamətində atılan bir addımdır.
Əsassız yoxlama nədir? Bir balaca buna aydınlıq gətirmək istəyirəm, çünki çoxlarında bu, çaşqınlıq yaradır. Mən ilk növbədə ərzaq təhlükəsizliyi, ətraf mühitin mühafizəsi və əhalinin sağlamlığının qorunması baxımından bu mövzuya toxunmaq istəyirəm. Çünki dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanları bu sahədə öz fəaliyyətlərini, mən deyərdim ki, tam şəkildə koordinasiya etmirlər. Bu gün ərzaq təhlükəsizliyinin və daxili bazarın qorunması ilə bağlı bir sıra orqanlar fəaliyyət göstərirlər. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar və İstehlakçıların Hüquqlarının Müdafiəsi üzrə Dövlət Xidməti sırf istehlak bazarına nəzarət edir. Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi istehsala, Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzi gigiyena qaydalarına riayət olunmasına, Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Fitosanitariya Nəzarət Xidməti isə sanitar xidmətinə nəzarəti həyata  keçirir.
Düşünürəm ki, bu yoxlamalar birbaşa olaraq üç yerə bölünür. Birinci növbədə planlı yoxlamalar aparılır. Planlı yoxlamalar hansılardır? Yəni əvvəlcədən müəyyənləşdirilir ki, hansı təsərrüfat subyektlərində yoxlama aparılacaq və birmənalı olaraq bu yoxlamalar Ədliyyə Nazirliyinə təqdim olunur ki, oradan razılıq alınsın.  İkinci yoxlamalar ərizə və şikayətlər, müdafiə orqanları tərəfindən daxil olan müraciətlər əsasında aparılır. Üçüncü  yoxlamalar  isə monitorinqin nəticələrinə görə aparılır. Çoxları monitorinqlə yoxlamaları da qarışdırırlar. Mən buna da aydınlıq gətirmək istərdim. Monitorinq vizual qaydada hər hansı bir informasiyanın alınması məqsədi ilə təsərrüfat subyekti ilə heç bir əlaqəyə girmədən oradan nümunə götürməklə, orada qiymətlərin manipulyasiyasının qarşısını almaq üçün baxış keçirməklə aparıla bilər. Ərzaq təhlükəsizliyinin qorunması, vaxtı ötmüş məhsullara nəzarət edilməsi və istehlakçıların qiymətdə, çəkidə, ölçüdə aldadılması faktlarını müəyyənləşdirmək məqsədi ilə də monitorinq keçirilir. Monitorinqin nəticəsi olaraq hətta hər hansı məhsuldan nümunə götürülüb həmin mərkəzi icra hakimiyyəti orqanının laboratoriyasında müayinəsi keçirilə bilər. Əgər orada hər hansı bir qanun pozuntusu, yaxud normativ sənədin tələblərinə uyğunsuzluq aşkar olunarsa, rəhbərlik qarşısında məsələ qaldırılır və həmin təsərrüfat subyektində yoxlama aparılır. Ədliyyə Nazirliyinin icazəsi olmadan qeyd etdiyim mərkəzi icra hakimiyyəti orqanları tərəfindən hər hansı bir təsərrüfat subyektində yoxlamanın aparılması birmənalı olaraq qadağandır və qanunsuzdur. Bu yoxlamalar qanunsuz sayılır. Yəni cibində vəsiqəsi olan hər hansı bir müfəttişin hər hansı bir təsərrüfat subyektinə girmək səlahiyyəti yoxdur. Hər bir təsərrüfat subyekti üçün ayrı-ayrılıqda mandat, yəni vəsiqə yazılmalıdır. Yəni müfəttiş həmin təsərrüfat subyektinə o halda girə bilər ki, Ədliyyə Nazirliyi buna icazə vermiş olsun.
Mən müzakirəmizə təqdim  olunmuş bu qanunvericilik aktına səs verəcəyəm. Sadəcə olaraq, 16 təklif və əlavələrim var. Vaxt məhdudiyyətini nəzərə alaraq həmin təkliflərimi Ziyad müəllimə təqdim etdim. Düşünürəm ki, bunlar artıq ikinci oxunuşda nəzərə alınacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Çox sağ olun.  Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar!  İlk növbədə qeyd etmək istəyirəm ki, bu qanun layihəsi 10 fəsil və 38 maddədən ibarət olan çox zəruri, pozitiv bir sənəddir və doğru vaxtda müzakirəmizə təqdim olunub.
Azərbaycanın iqtisadi uğurları bütün dünya ölkələrinə məlumdur. Mən istərdim, bu qanun layihəsi ilə əlaqədar fikrimi qeyd edim. Bu gün artıq Azərbaycanda iri biznes sahələri formalaşıb və uğurla inkişaf edir. O cümlədən “Paşa Holdinq”, “Gilan Holdinq”, “Akkord Şirkətlər Qrupu”, “Ata Holdinq” kimi transmilli şirkətlər yaradılıb və bunları artıq  Avropada, Asiya ölkələrində tanıyırlar.
Düşünürəm ki, bu qanun layihəsinə böyük maraq göstərilməsi Azərbaycanda və bütün dünyada kiçik və orta sahibkarlarla, onların fəaliyyəti ilə bağlıdır. Misal üçün, Avropa ölkələrində ümumi daxili məhsulun 45, 50–55 faizi kiçik və orta sahibkarların fəaliyyətinin məhsuludur. Hətta nümunəvi ölkə olan İspaniyada ümumi daxili məhsulun 70 faizi bilavasitə kiçik və orta sahibkarların fəaliyyəti nəticəsində əldə edilir. Mənə elə gəlir ki, müzakirəyə təqdim edilən qanun layihəsində kiçik və orta sahibkarlarla əlaqədar xüsusi bənd verilsə, yəni onların inkişafı üçün xüsusi imkan, şərait yaradılsa, daha yaxşı olardı. İstərdim ki, yoxlama zamanı kiçik və orta sahibkarlara daha çox loyal münasibət göstərilməsi də qanunda öz əksini tapsın.
Aldığım məlumata görə, Azərbaycanda 211 milli qəhrəman var. Onlardan da 17 nəfəri sağdır. İkinci təklifim ondan ibarətdir ki, milli qəhrəmanların ailə üzvləri bizneslə məşğuldurlarsa, onlara yoxlama zamanı müəyyən qədər güzəştlər edilsin ki, öz bizneslərini uğurla həyata keçirə bilsinlər.
Digər vacib bir məsələni qeyd etmək istəyirəm. Biz hamımız çox yaxşı bilirik ki, sahibkarlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır. Ona görə ki, onların çoxunun buna ehtiyacı var və şəffaflığın olması üçün də bu vacibdir. Bununla əlaqədar  daha yaxşı olar ki, İqtisadi İnkişaf Nazirliyinin nəzdində qaynar xətt yaradılsın və günün müəyyən vaxtı, məsələn, səhər saat 9-dan axşam filan saata qədər sahibkarların yoxlamalarla əlaqədar yaranan suallarına aydınlıq gətirilsin.
Maarifləndirmə ilə əlaqədar bir təklifim də var. Sovet hakimiyyəti dövründə televiziyada fermer saatı olurdu. Təklifim bundan ibarətdir ki, sahibkarların maarifləndirilməsi, yəni yoxlama və fəaliyyətlə əlaqədar məlumatlandırılması üçün, heç olmasa, televiziyadan istifadə edək. Bilmirəm bəlkə də bu təklifin qanun layihəsinə aidiyyəti yoxdur.
Sonda qeyd etmək istəyirəm ki, Bakının özündə yoxlamalarla əlaqədar bəzi xidmətlər var. Misal üçün, reklam xidməti, zibil yığışdırma xidmətləri və sair. Mənə elə gəlir ki, Bakı şəhərini 3 zonaya ayırmaq olar: şəhərin mərkəzi, orta hissə və periferiya. Onlardan yığılan bu pullar, yəni büdcəyə keçirilən pullar həmin...
Sədrlik edən. Sağ olun, Rüfət müəllim. Zahid müəllim, yorulmamısınız? Buyurun.
Z.Oruc. Ziyafət müəllim, təşəkkür edirəm. Çalışacağam, fikirlərimi çox qısa izhar edim. Mən bayaq digər həmkarlarımızın da salonda olmağını rica edərkən məhz bu qanun layihəsini nəzərdə tuturdum. Günorta çörəyi yeyilmədiyindən istəyirəm, bir az xoş əhvali-ruhiyyə yaradım. Yəqin, mənim adım ekranda yazılanda  təəccüb doğurub ki, iş adamı olmayan Zahid Orucun adı bu tabloda niyə qeyd edilib. Mən, həqiqətən də, o həmkarlarımızın burada olmasını arzulayırdım. Çünki onlar ya keçmişdə, ya da gələcəkdə bu və ya digər formada sahibkarlıq fəaliyyəti ilə məşğuldurlar. Bu gün sahibkarlıq işindən kənarda qalan vətəndaşımız yoxdur, çünki bütün hallarda, burada qeyd olunduğu kimi, onlar büdcənin əsas ağırlığını çiyinlərində daşıyırlar. Təbii ki, bizim çox peşəkar iqtisadçılarımız qeyd edirlər ki, qanun layihəsi çox yaxşı hazırlanıb. Amma burada iki sadə suala cavab verilməlidir.
Birincisi, bu qanunun icra hakimiyyəti orqanlarının yerli sahibkarlardan bu və ya digər formada, qeyri-rəsmi şəkildə aldıqlarına və onlar üzərində qurduqları biyar və töycüyə təsiri olacaq, yoxsa yox? Bəlkə də bu çox sərt səslənir, amma elə həqiqət də belə sərtdir.
Mən xatırlayıram ki, bundan əvvəl də yoxlamaların bilavasitə Ədliyyə Nazirliyinin razılığı ilə həyata keçirilməsi haqqında bir addım atılmışdı. Hörmətli Ziyafət müəllim, keçən dövr ərzində sahibkarlıq subyektlərinin problemləri davam etməkdədir. Biz bilirik ki, bunlar  heç vaxt təkcə bir təbəqənin problemi ola bilməz. Sahibkarlığa vurulan ziyan sonra hər hansı formada cəmiyyətin canından çıxır. Ona görə hər zaman dediyimiz bu nəzəri müddəanı bəyan etməliyik ki, – sahibkarlığın  durumu nə qədər yaxşı olacaqsa, ölkənin vəziyyəti də bir o qədər yaxşılaşacaq. Yəni birinci növbədə bu məsələyə aydınlıq gətirilməlidir. Hörmətli Valeh Ələsgərov doğru olaraq qeyd etdi ki, əgər ad dəyişəcəksə, mahiyyət də dəyişməli olacaq. Niyə avropalılarda yoxlama çox normal assosiasiya  doğurur, amma azərbaycanlıları titrətmə tutur? “Yoxlama” sözü  niyə bu qədər qıcıq doğurur? Ona görə ki, yoxlama adı altında sahibkarlıq fəaliyyətinə açıq şəkildə, çox kəskin, kobud müdaxilələr edilir. Ona görə də birinci bu məsələni qabartmaq istədim.
Hörmətli Ziyafət müəllim, ikinci, burada böyük bir fəsildə risk qrupları məsələsindən bəhs edilir. İstehsalçıların əsas, yoxsa ikinci və ya üçüncü risk qrupunda olmasını kim müəyyənləşdirəcək? Yenə də xahişlər, minnətlər, kənar təsirlər, subyektiv amillər ortaya çıxmağa başlayacaq. Biri deyəcək, mən ikinci risk qrupundayam, başqaları birinci, kimlərsə də üçüncü. Bu da problem yaratmış olacaq.
Üçüncü, mən burada Rüfət Quliyevin mövqeyini xoş məramla  qəbul edirəm. O düşünür ki, qəhrəmanlar üçün, yəni Azərbaycan qarşısında xidmətləri olan insanlar üçün fərqli modellər meydana çıxsın, güzəştlər edilsin. Keçmişdə bunlar mövcud idi. Çox yaxşı xatırlayırıq ki, əksər daşımalar, ticari yüklər humanitar yüklər adı altında əlillərin, şəhid ailələrin adına daşınırdı. Bəlli oldu ki, bu onların öz maraqlarından, mənafelərindən daha çox bəzi iş adamlarının mənafelərinə xidmət edir.  Bu ölkədə vergi subyektlərinin sahibkarlıq fəaliyyətinin kənarında hər hansı yoxlamalar aparılmamalıdır. Bu, dünyada mövcud olan qanundur.  Biz indi nəyi kəşf etmək istəyirik? Bu qanun layihəsi də bunu təmin etməyə yönəlib, ancaq gerçək problemləri aradan qaldırmaq üçün kifayət etmir. Buna baxmayaraq, qanun layihəsinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Rauf Əliyev.
R.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Çox vacib bir qanun layihəsi müzakirə edilir. Mənim çıxışımda toxunmaq istədiyim məsələləri həmkarlarım burada səsləndirdilər. Ona görə də təkrar etmək istəmirəm, qanun layihəsinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hesab edirəm ki, bu çox vacib bir qanun layihəsidir. Həqiqətən də, bizim seçicilərlə görüşlərimizdə bu qanunla, yoxlamalarla əlaqədar çox məsələlər qaldırılır.  Düşünürəm ki,  belə bir qanunun qəbul olunması nəticəsində yoxlamalar tənzimlənəcək. Birinci oxunuş olduğuna görə mən çıxışımı çox davam etmək istəmirəm. Çünki ikinci oxunuşda həm təkliflərim, həm də qanun layihəsi ilə əlaqədar iradlarım olacaq.
Birinci oxunuş olduğuna görə bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Burada qanun layihəsinin adı ilə əlaqədar çox təkliflər oldu. Mən Valeh Ələsgərovun da,  Zahid Orucun da dediyini dəstəkləyirəm. Düşünürəm ki, bu qanun layihəsinin adında “yoxlama” sözü saxlanılmalıdır. Çünki burada il yarımdan, bir ildən, iki ildən bir müəssisənin fəaliyyətinin yoxlanmasından söhbət gedir. Hesab edirəm ki, birinci oxunuşda bu cür də saxlamaq olar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Cavanşir Feyziyev.
C.Feyziyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! 1993-cü ildən bu günədək ilbəil təkmilləşən və 20 il ərzində kifayət qədər möhkəmlənən sahibkarlıq fəaliyyəti hal-hazırda milli iqtisadiyyatımızda aparıcı rol oynamaqdadır. Bu illər ərzində əldə olunan təcrübə əsasında dövlət və sahibkarlıq subyektləri arasında qarşılıqlı münasibətlərin tənzimlənməsinə korrektivlərin edilməsi, pul münasibətlərinin asılılıq rejimindən qarşılıqlı əməkdaşlıq rejiminə keçirilməsi olduqca əhəmiyyətli bir addımdır. Yeni qanun layihəsi də bu baxımdan zəruri və faydalı olub sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsədinin, prinsiplərinin təşkili və həyata keçirilməsi qaydalarını, yoxlamalar zamanı yoxlayıcı orqanların, vəzifəli şəxslərin hüquqlarını, vəzifə və məsuliyyətlərini, eləcə də sahibkarların hüquq və  maraqlarının müdafiəsi ilə bağlı bütün tələbləri müəyyənləşdirir.
Doğrudur, Azərbaycan Prezidentinin xüsusi fərmanı ilə yaradılmış “Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestri” artıq 2011-ci ilin may ayından fəaliyyət göstərir. Lakin yeni qanun layihəsi yoxlamaların vahid məlumat reyestri ilə bağlı bir sıra məsələləri, o cümlədən yoxlama prosesində şəffaflıq və aşkarlıq kimi məsələləri tənzimləməklə həmin reyestrin hərtərəfli hüquqi əsaslarını müəyyən etmiş olacaq.
Digər tərəfdən, bu qanun layihəsində nəzərdə tutulan prosedurların bir qisminin elektron hökumət layihəsinin tələbləri ilə üst-üstə düşməsi də onun əhəmiyyətini artıran amillərdəndir.
Qanun layihəsində təsbit edilən bir sıra qaydalar indiyədək mövcud normativ hüquqi aktlarda heç vaxt rast gəlinməyən, tamamilə yeni və mütərəqqi qaydalardır ki, onlardan bəzilərini hörmətli həmkarlarımızın diqqətinə çatdırmaq istərdim. Məsələn, sahibkarlıq subyektinin fəaliyyətinə minimum müdaxilə prinsipinin rəhbər tutulması; yoxlama məqsədi ilə götürülən məhsul nümunələrinin müstəqil laboratoriyalarda ekspertizadan keçirilməsi, eləcə də həmin nümunələrin dəyərinin yoxlayıcı orqan tərəfindən dərhal ödənilməsi; yoxlama aktının məzmunu ilə və ya yoxlayıcının hərəkətləri ilə razılaşmadığı halda sahibkara yoxlama  haqqında müvafiq qeydlər aparmaqla öz iradını və etirazını bildirmək imkanının verilməsi; normativ-hüquqi aktlarda tam aydın və birmənalı olmayan və ya bir-birinə zidd müddəalar aşkar edildikdə sahibkar üçün daha əlverişli müddəaların  tətbiq edilməsi; sahibkarlara metodiki kömək göstərilməsi və məhz bu məqsədlə onlara yoxlayıcı orqanı öz müəssisəsinə dəvət etmək imkanının verilməsi; sahibkarlıq fəaliyyətində irəli sürülən tələblərin İnternet saytında açıq olması və hər bir yoxlama üçün yoxlama predmeti olan sualların öncədən sahibkarlara təqdim edilməsi kimi mütərəqqi normalar bu layihənin kifayət qədər liberal olduğunu və doğrudan da, sahibkarları müdafiə etdiyini göstərir.
Qanun layihəsində sahibkarlıq  subyektlərinin risk qrupları üzrə bölgüsü də nəzərdə tutulmuşdur. Məhz bu bölgünün nəticəsindən asılı olaraq yoxlamaların aparılması tezliyi müəyyən edilir. Sənədə əsasən yüksək risk qrupuna aid edilən sahibkarın fəaliyyəti ildə bir dəfədən çox olmayaraq; orta risk qrupuna aid edilən ildə iki dəfədən çox olmayaraq; aşağı risk qrupuna aid edilən sahibkarın fəaliyyəti isə üç ildə bir dəfədən çox olmayaraq yoxlanıla bilər ki, bu da sahibkarlıq fəaliyyətinə müdaxilənin minimuma endirilməsi baxımından olduqca əhəmiyyətlidir.
Yoxlamaların aparılması zamanı sahibkarın gündəlik fəaliyyət rejiminin pozulmaması tələbi də sahibkarların və eyni zamanda, istehlakçıların maraqlarına uyğundur.
Bu qanun layihəsində sahibkarlıq subyekti tərəfindən yoxlama tədbirlərinin foto, video çəkilişinə, audio yazılışına icazə verilməsi də yeni bir hadisədir. Sahibkarların istəyi ilə yoxlamada köməklik göstərilməsi üçün ictimai təşkilatların və ya istənilən üçüncü şəxslərin dəvət edilməsi imkanı yoxlama proseslərinin şəffaf və obyektiv aparılması üçün tam təminat yaradır. Bütün bunlara əsaslanaraq demək olar ki, qanun layihəsinin konsepsiyası bu günün tələblərinə tamamilə uyğundur və zənnimcə, burada irad tutulası və ya dəyişiklik ediləsi bir müddəa yoxdur.
Sual doğuran yalnız bir məsələ var – 4-cü fəslin 20-ci maddəsinin 20.10-cu bəndində birmənalı şəkildə göstərilmişdir: “foto, audio və videomateriallar sahibkarın icazəsi olmadan kütləvi informasiya vasitələrinə təqdim edilə bilməz. Yoxlamalar zamanı aşkar edilmiş, yararlılıq müddəti keçmiş məhsulların müsadirə olunmasını, dövriyyədən çıxarılmasını və məhv edilməsini əks etdirən video çəkilişlər televiziya ekranlarında vaxtaşırı yayımlanır. Belə bir fəaliyyət aşkar olunduğu halda sahibkarın müvafiq video çəkilişlərin kütləvi informasiya vasitələrinə təqdim edilməsinə icazə verməsi heç də inandırıcı görünmür. Bu kimi halları nəzərə alaraq, ola bilər ki, gələcək müzakirələrdə həmin maddəyə istisna halların da əlavə edilməsinə ehtiyac yaransın. Bütövlükdə belə bir qanunun...
Sədrlik edən. Sağ olun, Cavanşir müəllim. Hörmətli deputatlar, qanun layihəsi kifayət qədər geniş müzakirə olundu, təklif var ki, səsə qoyulsun. Qanunun konsepsiyası da birinci oxunuşun tələblərinə uyğundur və qəbul oluna bilər. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 16.03 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında Azərbaycan Respublikası qanununun  layihəsidir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Biz Miqrasiya Məcəlləsini komitədə İnsan hüquqları komitəsinin sədri və üzvlərinin iştirakı ilə çox geniş müzakirə etdik, yaxşı fikir mübadilələrimiz oldu. Ona görə də sizə qısa bir təqdimat etmək niyyətindəyəm.
Bildiyiniz kimi, artıq bir neçə ildir, Dövlət Miqrasiya Xidməti yaradılıb. Burada məqsəd ilk növbədə ölkəmizin iqtisadi inkişafı, ümumiyyətlə, inkişafı ilə bağlı yaranmış miqrasiya problemlərinin daha səmərəli tənzimlənməsi olub. Azərbaycanda miqrasiya prosesləri son bir neçə ildə həm əmək miqrasiyası, həm turistlərin gəlişi, həm də soydaşlarımızın Azərbaycanla əlaqələrinin daha da sıx olması baxımından geniş vüsət alıb. Ona görə də bütün bu məsələlərin ayrı-ayrı qanunlarda və əsasnamələrdə yox, vahid bir məcəllədə tənzimlənməsi zərurəti yaranıb. Bu baxımdan hesab edirəm ki, artıq Miqrasiya Məcəlləsinin qəbul edilməsi günün zərurətidir. Təbii ki, məcəllədə qeyd edilən bir sıra məsələlər indi mövcud olan qanunlardakı normalardır, amma eyni zamanda, burada kifayət qədər yeniliklər də var. Bu yeniliklər əsas etibarilə miqrasiya proseslərinin daha şəffaf, texniki baxımdan daha sürətli həyata keçirilməsini özündə ehtiva edir. Xatırladım ki, biz cəmi bir neçə il bundan əvvəl bir sıra xüsusi qanunlarda da miqrasiya məsələlərinin daha şəffaf tənzimlənməsinə dair əlavələr və dəyişikliklər etmişdik.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Miqrasiya Məcəlləsinin qüvvəyə minməsi üçün müəyyən qədər vaxta ehtiyac olacaq. Biz qanunvericilik təşəbbüsü subyekti ilə fikir mübadiləsi etmişik. Bu fikir mübadiləsi nəticəsində artıq bir çox yeniliklər müəyyənləşdirilib, düzdür, onlar sizə təqdim olunmayıb, amma ekrandakı variantda var. Bundan sonra da millət vəkillərinin şifahi və yaxud yazılı şəkildə təqdim edəcəkləri təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə müzakirə olunacaq.
Qeyd etmək istəyirəm ki, qanunun qüvvəyə minmə tarixinin 1 iyundan bir qədər sonraya, misal üçün, iyulun 1-nə və yaxud sentyabrın 1-nə keçirilməsi ilə bağlı qanunvericilik təşəbbüsü subyekti ilə ümumi razılıq əldə edilib. Odur ki, bu məcəllə müzakirə üçün açıqdır. Mən başa düşürəm ki, soydaşlarımızın Azərbaycana gəlib-getməyi, ümumiyyətlə, miqrasiya problemləri və sair məsələlər hamını maraqlandırır. Əminəm ki, ikinci, üçüncü oxunuşlara qədər bütün təklifləri nəzərə almaqla çox mükəmməl bir məcəllə qəbul edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm. Hörmətli həmkarlar! Birinci oxunuş üçün Milli Məclisin gündəliyinə çıxarılmış Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin layihəsi çox vacib və aktual məsələyə həsr edilib.
Doğrudan da, Azərbaycan Respublikası gündən-günə inkişaf edir. Ölkədə gedən dinamik iqtisadi inkişaf bütün diqqətlərin ölkəmizə yönəlməsinə səbəb olur. Belə demək mümkündürsə, Azərbaycan regionda baş verən miqrasiya proseslərinin mərkəzinə çevrilmişdir. Bu gün ölkəmizə 100 minlərlə insan müxtəlif məqsədlərlə səfər edir. Artıq Azərbaycana əməkçi miqrantlar da axışmaqdadırlar. Eyni zamanda, dünyada gedən qloballaşma, qarşılıqlı iqtisadi əməkdaşlıq və inteqrasiya çərçivəsində Azərbaycan vətəndaşları əməkçi miqrant qismində xarici ölkələrə üz tuturlar. Qeyd etdiyimiz bu və digər proseslərin, məsələlərin kompleks hüquqi tənzimlənməsi baxımından bu məcəllənin əhəmiyyəti çox böyük olacaq.
Qanun layihəsi ilə bağlı bəzi qeydlərimi diqqətinizə çatdırmaq istəyirəm. Miqrasiya Məcəlləsinin 45-ci maddəsində əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə hansı hallarda Azərbaycanda yaşamaq üçün icazə verildiyi nəzərdə tutulub. Təklif edirəm ki, “Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü sahəsində xidmətləri olan şəxslər və onların ailə üzvləri, həmçinin ölkəmiz qarşısında digər sahələrdə xüsusi xidmətləri olan şəxslər” ifadəsi də bu maddəyə əlavə edilsin. Bildiyiniz kimi, SSRİ dağıldıqdan sonra ölkəmizlə bağlı bir çox şəxslər avtomatik olaraq digər ölkələrin vətəndaşlarına çevrildilər. Onların arasında Qarabağ müharibəsində fərqlənən insanlar da var. Məncə, bu kateqoriyaya aid insanlara güzəştlər nəzərdə tutulmalıdır.
Digər məsələ Azərbaycanda əcnəbi işçilərin işə cəlb edilməsi ilə bağlıdır. Təəssüf ki, bəzən elə olur ki, yerli işçi qüvvəsi kənarda qalır, həmin iş yerlərinə əcnəbilər cəlb edilirlər. Məncə, bunun qarşısını almaq üçün daha sərt tədbirlər görülməli, məcəllədə bununla bağlı xüsusi mexanizm nəzərdə tutulmalıdır. Yerli işçi qüvvəsinin mövcudluğuna baxmayaraq, işə xarici miqrantları cəlb edən şirkətlər ikiqat, üçqat rüsum ödəməlidirlər ki, bu addımı atmamışdan bir daha əvvəl fikirləşsinlər.
Bir məsələyə də münasibət bildirmək istəyirəm. Təbii ki, qanunvericilikdə  milliyyətindən asılı olmayaraq hamı üçün eyni şərtlər müəyyənləşdirilir, hamının qanun qarşısında bərabər olması prinsipi əsas götürülür. Lakin bəzi ölkələrdə etnik cəhətdən həmin ölkənin əhalisinə mənsub olan şəxslərə bu ölkədə işləmək və yaşamaq üçün daha rahat şərtlər nəzərdə tutulur. Bəlkə biz də məcəllədə bu mövqedən çıxış edək. Məsələn, Gürcüstan vətəndaşı olan çox sayda azərbaycanlı daha əlverişli şərtlər olduğu üçün Azərbaycana müraciət edir. Əgər biz xaricdən əcnəbi işçi qüvvəsinin cəlb edilməsinə şərait yaradırıqsa, bəlkə elə Azərbaycan vətəndaşı olmayan azərbaycanlı miqrantlara da güzəştlər nəzərdə tutaq. Fikrimcə, bu təklif variant kimi hər hansı şəkildə indi və ya gələcəkdə nəzərə alına bilər. Qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Leyla xanım. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli sədarət, hörmətli deputat həmkarlarım! Miqrasiya ilə bağlı məsələlər keçmiş sovet cəmiyyətində müəyyən səviyyədə mövcud olsa da, bütünlükdə miqrasiya tam mənada müstəqillik dövrünün əhəmiyyətli hadisələrindən biridir. Ona görə də miqrasiya proseslərinin həll edilməsi, tənzimlənməsi müstəqillik dövründə daha aktual bir məsələ kimi cəmiyyətimizin qarşısında durur. Buna görə də hesab edirəm ki, Miqrasiya Məcəlləsinin meydana çıxması Azərbaycanın dövlət müstəqilliyinin inkişaf etdirilməsinin nəticəsidir.
Bu gün müzakirəyə çıxarılan Miqrasiya Məcəlləsi miqrasiya kimi çox aktual və əhatəli bir sahədə dövlət siyasətinin həyata keçirilməsinə hüquqi təminat verir. Eyni zamanda, düşünürəm ki, Miqrasiya Məcəlləsində nəzərdə tutulan müddəalar, əhatə olunan məsələlər Azərbaycan Respublikasının dünya ölkələrinə inteqrasiyasının tənzimlənməsində əsas rol oynaya bilər.
Miqrasiya Məcəlləsi ilə yaxından tanış olarkən bir daha aydın olur ki, indiyə qədər müxtəlif nüanslar nəzərə alınmaqla, müxtəlif istiqamətlərdə həyata keçirilən viza rejimləri də bu qanun vasitəsilə vahid qaydada tənzimlənə biləcək. Eyni zamanda, Miqrasiya Məcəlləsi ölkəmizdə turizmin inkişafının hüquqi əsaslarının formalaşması baxımından da mühüm əhəmiyyətə malikdir və bütövlükdə çox yüksək səviyyədə hazırlanmışdır. Burada həm dünya təcrübəsi nəzərə alınmış, həm də Azərbaycan reallıqları əsas götürülmüşdür. Hiss olunur ki, qanunun hazırlanmasında Azərbaycan reallıqlarının, gerçəkliklərinin doğurduğu proseslərin hüquqi şəkildə ifadə edilməsinə daha çox üstünlük verilmişdir.
Hesab edirəm ki, Miqrasiya Məcəlləsinə görə Azərbaycan qanunvericiliyi yeni bir qanunvericilik aktı ilə daha da zənginləşir. Ona görə Miqrasiya Məcəlləsini əhəmiyyətli bir qanunvericilik sənədi kimi yüksək qiymətləndirirəm və məmnuniyyətlə buna səs verəcəyəm.
Amma bir qeydimi də nəzərinizə çatdırmağı vacib sayıram. Burada “əməkçi miqrant” sözləri işlənmişdir ki, məncə, o, “əmək miqrantı” sözləri ilə əvəz edilsə, daha yaxşı olar. “Əmək miqrasiyası” sözləri bu məfhumun, terminologiyanın ümumi mənasını ifadə edən anlayış kimi qanunvericilikdə öz əksini tapmışdır. Buna yaxın olan “əmək miqrantı” sözləri də əmək miqrasiyasını tamamlayır və bundan doğur. Məncə, “əməkçi miqrant” sözləri bu sözlə müqayisədə bir qədər yad səslənir. Buna diqqət yetirilməsini vacib sayıram.
Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Heç kəsə sirr deyil ki, Azərbaycanda, eyni zamanda, dünyanın müxtəlif ölkələrində təhsil alan əcnəbi tələbələr həm də istər-istəməz qanuni və ya qanunsuz şəkildə əmək miqrasiyası ilə məşğul olurlar. Bəzən tələbə miqrantlara, əcnəbi tələbələrə əmək miqrantları kimi eyni qaydalar tətbiq edilir. Buna görə də bəzən onlar xüsusi çətinliklərlə üzləşirlər. Mən hesab edirəm ki, Azərbaycana ilbəil tələbə axınının artmasını, Azərbaycandan da tələbə axınının daha çox Avropaya genişlənməsini nəzərə alaraq, əcnəbi tələbələrin fəaliyyətinin əmək miqrantı qismində tənzimlənməsinə aid müddəalar əlavə edilsə, çox yerinə düşər.
Qanun layihəsini bütövlükdə dəstəkləyirəm. Çünki bu sənəd Azərbaycan reallığının ifadəsidir və dövlətçiliyimizin möhkəmləndirilməsinə xidmət edəcəkdir. Ona görə də qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun, İsa müəllim. Əgər başqa çıxış etmək istəyən yoxdursa, birinci oxunuşda qanun layihəsinə münasibət bildirməyinizi xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 16.15 dəq.)
 Lehinə  105
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  106
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Hörmətli deputatlar, növbəti iclasımız mayın 21-də olacaq.
 

EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ
7 may 2013-cü il

Novruzəli Aslanov. Çıxış edən həmkarlarımın fikirlərinə şərik olaraq bildirmək istəyirəm ki, Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyevanın amnistiya elan edilməsi barədə təşəbbüsünü yüksək dəyərləndirir və dəstəkləyirəm.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin insanpərvərlik ənənələri bu gün onun adını daşıyan Heydər Əliyev Fondunun prioritetini təşkil edir. Amnistiya aktlarının təşəbbüskarı kimi neçə-neçə insana sevinc bəxş etmiş, ailələrə mənəvi dayaq durmuş, azadlıqdan məhrum edilmiş şəxslərin öz doğmalarına və yaxınlarına qovuşmalarına şərait yaratmış Heydər Əliyev Fondu bu gün ulu öndərimizin milli dövlətçilik ideyalarının və milli-mənəvi dəyərlərimizin gənc nəsillərə aşılanmasına, onların cəmiyyətimizdə əsl vətəndaş kimi yetişərək öz layiqli yerlərini tutmalarına böyük töhfələr verir.
Ulu öndərimiz humanitar sahəyə hər zaman böyük diqqət yetirmiş, müstəqillik dövründə yerli və beynəlxalq humanitar təşkilatların fəaliyyətinə dəstək verərək onların respublikamızda müxtəlif humanitar layihələri həyata keçirmələrinə şərait yaratmışdır. Xüsusilə qaçqın və məcburi köçkünlərə xidmət göstərən beynəlxalq təşkilatlara üstünlük verilmişdir. Belə təşkilatlardan biri də Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyası, Beynəlxalq Qızıl Xaç Komitəsi olmuşdur. Adıçəkilən hər iki təşkilatın həmin illərdə Azərbaycanda rəsmi nümayəndəliyi açılmışdır və bu günə kimi həmin nümayəndəliklər fəaliyyətlərini davam etdirirlər.
Respublikada humanitar sahədə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Beynəlxalq Hərəkatının yeganə təmsilçisi kimi fəaliyyət göstərən Azərbaycan Qızıl Aypara Cəmiyyətinin inkişafı da məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Belə ki, ilk olaraq ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Qızıl Aypara Cəmiyyətinin fəaliyyətinə dəstək verilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 25 noyabr tarixli, 926 saylı qərarı qəbul edildi və bunun sayəsində Qızıl Aypara Cəmiyyəti Beynəlxalq Hərəkatın tərkib hissəsi kimi dövlət tərəfindən rəsmən tanındı. Beynəlxalq Qızıl Xaç Komitəsi yalnız bundan sonra, 1995-ci ildə bizi rəsmən tanıdı, elə həmin ildə Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının tam, bərabərhüquqlu üzvlüyünə qəbul edildik.
Möhtərəm Prezidentimiz, Azərbaycan Qızıl Aypara Cəmiyyətinin fəxri üzvü cənab İlham Əliyev bu ənənələri davam etdirərək 2004-cü il yanvar ayının 31-də “Azərbaycan Qızıl Aypara Cəmiyyətinə dövlət qayğısının artırılması haqqında” Sərəncam imzaladı. Bundan başqa, möhtərəm Prezidentimiz hər il mart ayının 10-nun respublikada Qızıl Aypara günü kimi qeyd olunması barədə 2008-ci il 7 aprel tarixli Sərəncam, 2007-ci il 22 mayda isə “Azərbaycan Qızıl Aypara Cəmiyyəti haqqında” Qanunun qüvvəyə minməsi barədə Fərman imzalamışdır. Bütün bunlar dövlətin cəmiyyətimizə verdiyi dəstəkdir.
Ona görə də düşünürəm ki, ulu öndərimizin adını daşıyan fondun əsas fəaliyyətinin də məhz Heydər Əliyev humanizmi üzərində qurulması heç də təsadüfi deyildir.  Xeyirxahlıq və mərhəmət hər bir insanın qəlbində olmalıdır. Müxtəlif sahələr üzrə, xüsusilə valideyn himayəsindən məhrum olmuş uşaqlara göstərilən qayğı, ağır xəstə insanların digər ölkələrdə müalicəsinin təmənnasız təşkili, elm-təhsil, mədəniyyət və səhiyyə sahəsində həyata keçirilən zəruri layihələr Heydər Əliyev Fondunun prezidenti Mehriban xanımda mərhəmətin, xeyirxahlığın, bəşəri hisslərin və insani keyfiyyətlərin nə dərəcədə yüksək olmasının parlaq göstəricisidir.
Hesab edirəm ki, ulu öndər Heydər Əliyevin 90 illik yubileyi münasibətilə belə bir amnistiya aktının elan edilməsi onun humanist siyasətinin davamı kimi qəbul edilməli və islah olunan insanların demokratik cəmiyyətimizdə yer tutmalarına şərait yaradılmalıdır.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi