2013-ci il 31 may tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 67

Milli Məclisin iclas salonu.
31 may 2013-cü il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 95
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Fərhad Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimliyinə namizəd.

                       
*  *  *

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin  şöbə müdiri.
                                  

*  *  *

Heydər Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. F.S.Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

1. F.S.Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fərhad Abdullayev

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Heydər Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.45 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında təslimetmə haqqında” Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.48 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

6. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: Qəbul edildi

7. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

8. “Milli arxiv fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Nizami Cəfərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

11. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.08 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: Qəbul edildi

15. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi  haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

17. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 92
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.23 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, İqbal Ağazadə, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Musa Quliyev, Aytən Mustafayeva, Rafael Cəbrayılov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.51 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

31 may  2013-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.02 dəq.)
İştirak edir  95
Yetərsay  83

Çox sağ olun, yetərsay var.
Gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.02 dəq.)
 Lehinə  101
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  102
 Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Bildiyiniz kimi, bu gün bizim yaz sessiyasının son iclasıdır. Gündəlikdə 23 məsələ var. Ona görə xahiş edirəm, yaxşı işləyək ki, bu məsələlərin hamısını müzakirə edək. Mümkün olarsa, tənəffüssüz işləyək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəlikdəki birinci məsələnin müzakirəsinə başlayırıq. Cənab Prezident tərəfindən Fərhad Abdullayevin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi ilə bağlı Milli Məclisə təqdimat gəlib. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli buyursun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əli müəllim yoxdur, icazə verin, mən özüm təqdim edim. Çünki Konstitusiya Məhkəməsi bizim hakimiyyətin üçüncü qoludur, hakimiyyətin o biri qolunun təqdim etməsi daha düzgün olar. 
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 9-cu bəndi rəhbər tutularaq, səlahiyyət müddəti 2013-cü il iyunun 20-də bitən Fərhad Sahib oğlu Abdullayevin həmin tarixdən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi məsələsi cənab Prezidentin imzası ilə müzakirəmizə təqdim edilib.  
Hörmətli millət vəkilləri, mən hamınızın Fərhad Abdullayevə münasibətini bilirəm. O, Azərbaycanın görkəmli hüquqşünaslarından biridir. Hamımızın tanıdığı, hörmət etdiyi bir insandır. Mən hesab edirəm ki, müzakirəyə də ehtiyac yoxdur. Xahiş edirəm, təqdimata münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.05 dəq.)
 Lehinə  103
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  104
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Fərhad müəllim, Milli Məclisin deputatlarının Sizə münasibətini gördünüz. 1 nəfər istisna olmaqla Sizi yekdilliklə dəstəklədilər. Əgər  sözünüz varsa, buyurun. (Alqışlar.)
F.Abdullayev, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Milli Məclisin deputatları, xanımlar və cənablar! İlk öncə, mənə göstərilən etimada görə Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Hörmətli deputatlar, məni dəstəklədiyinizə və səslənən xoş sözlərə görə sizə də dərin təşəkkürümü  və hörmətimi bildirirəm.
Bu yaxınlarda Konstitusiya Məhkəməsinin yaranmasının 15 ili tamam olacaq. Bu dövr ərzində Konstitusiya Məhkəməsi ölkə qanunvericiliyinin və hüququn inkişafına, eləcə də hüquq mədəniyyətinin yüksəldilməsinə öz töhfələrini verib. Bu gün ölkədə sürətli inkişaf gedir, əlbəttə ki, hüququn inkişafı da onun tərkib hissəsidir. Biz bunu çox gözəl dərk edirik və bundan sonra da fəaliyyətimizdə Azərbaycan Konstitusiyasının dəyərlərinin qorunmasını rəhbər tutacağıq. Bir daha sizə, hörmətli millət vəkilləri, öz hörmətimi və ehtiramımı bildirirəm. İndi, icazənizlə, andiçməni həyata keçirim: 
“Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi hakiminin səlahiyyətlərini şərəflə, vicdanla yerinə yetirəcəyimə, Azərbaycan Respublikası Konstitusiyasının aliliyini qoruyacağıma, baxdığım məsələləri müstəqil, qərəzsiz və ədalətlə həll edəcəyimə and içirəm”.  (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Fərhad müəllim. Bir daha təbrik edirik, Sizə uğurlar arzulayırıq. Allah qoysa, 2015-ci il seçkilərində bu deputatların çoxunun sənədləri yenə  Konstitusiya Məhkəməsinə gələcək.
Gündəliyin ikinci məsələsinə –Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! 2012-ci il Azərbaycan  xalqının tarixində yaddaqalan illərdən biri olmuşdur. Cənab Prezident Nazirlər Kabinetinin iclasında birmənalı şəkildə vurğuladı ki, bizim 2012-ci il üçün müəyyən etdiyimiz tapşırıqlar, vəzifələr, məqsədlər uğurla icra edilmişdir. Azərbaycan Respublikası dinamik inkişaf meyillərini saxlamış, regionda və dünyada sürətlə inkişaf edən keyfiyyətli iqtisadiyyatın davamlılığını təmin etmək üçün cəsarətli addımlar atan, öz nüfuzunu beynəlxalq aləmdə gündən-günə, ildən-ilə artıran respublikaya çevrilmişdir.
Millət vəkillərinin Azərbaycanın 2012-ci ildə əldə etdiyi uğurlar, 2012-ci il dövlət büdcəsinin parametrləri barəsində kifayət qədər məlumatları vardır. Ulu öndər Heydər Əliyevin 90 illik yubileyi ərəfəsində respublikamızın bütün regionlarında Azərbaycan dövlətinin sosial-iqtisadi inkişafı ilə əlaqədar xeyli çıxışlar olmuş, konkret faktlar göstərilmişdir. Bütövlükdə Azərbaycan cəmiyyətində  qəti bir fikir yaranmışdır ki, ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyası bu gün uğurla  davam etdirilir və 2012-ci il üçün Milli Məclisin təsdiq etdiyi dövlət büdcəsinin parametrləri müvəffəqiyyətlə yerinə yetirilir. Kifayət qədər informasiyanız olduğunu, hökumətin, Maliyyə Nazirliyinin millət vəkillərinə payladığı ətraflı məlumatların olmasını nəzərə alaraq Milli Məclisin İqtisadi siyasət komitəsinin dövlət büdcəsinin əsas parametrləri barədə fikirlərini qısa şəkildə sizə  çatdırmaq istərdim.
Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında cənab Prezident tərəfindən Milli Məclisə təqdim olunan qanun layihəsi İqtisadi siyasət komitəsində geniş müzakirə edilmiş, çox dəyərli fikirlər səslənmişdir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də Hesablama Palatasının çox sanballı, ətraflı rəyi diqqət mərkəzində olmuş və bütövlükdə Milli Məclisin İqtisadi siyasət komitəsində təkliflər də səslənmişdir. Milli Məclisin İqtisadi siyasət komitəsi qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsini tövsiyə etmişdir.  
Müzakirələr zamanı millət vəkilləri təqdim edilmiş materiallarda ölkədəki iqtisadi mühit və makroiqtisadi göstəricilərin müsbət, obyektiv qiymətləndirilməsini xüsusi olaraq qeyd etdilər. Sizdə kifayət qədər məlumatlar və materiallar var. Qlobal maliyyə böhranının davam etməsinə baxmayaraq, Azərbaycan yüksək inkişaf nümayiş etdirmiş, iqtisadi göstəricilərini bir xeyli yaxşılaşdırmış, ölkənin maliyyə imkanlarını daha da gücləndirmiş, bir sıra strateji proqramların həyata keçirilməsində öz rolunu artırmışdır. Bütün bunlar maliyyə sabitliyinin təmin edilməsinə, büdcə gəlirlərinin vaxtında səfərbər edilməsinə və onların təyinatı üzrə xərclənməsinə imkan vermişdir. 
Biz hələ 10 il bundan qabaq, sonrakı illərdə də deyirdik ki, dövlət büdcəsi ümumi daxili məhsulun 14–15 faizini təşkil edir və bu da dövlətin bir çox funksiyalarını həyata keçirməyə imkan vermir. Bu gün biz çox böyük qürur hissi ilə deyirik ki, Azərbaycan dünyada, Avropada seçilən ölkələrdən biridir ki, ümumi daxili məhsulun 32–33 faizi dövlət büdcəsi vasitəsilə bölüşdürülür. Yəni həm gəlirlərin, həm də xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi artmışdır.
Komitənin iclasında birmənalı şəkildə qeyd olundu ki, neçə illərdir, dövlət büdcəsinin gəlirlərinin formalaşmasında heç bir problem yaranmır. Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin büdcə gəlirlərinin formalaşmasında rolu çox böyükdür. Mən o rəqəmləri sadalamaq istəmirəm, çünki hörmətli Samir müəllim bu barədə məlumat verəcək. Dövlət büdcəsinin  icrası prosesində bir nömrəli məsələ gəlirlərin formalaşmasıdır. Əgər gəlirlər formalaşırsa, deməli, digər göstəricilərin həyata keçirilməsi, icrası üçün əlverişli bir şərait yaradır.
Millət vəkillərinə məlumat vermək istəyirəm ki, dövlət büdcəsinin gəlirləri üzrə tapşırıqlar 100 faizdən çox yerinə yetirilmişdir. Bu isə imkan vermişdir ki, biz xərclər üzrə nəzərdə tutulan proqramları həyata keçirək. Bu nəyin hesabına olmuşdur? Vergi Məcəlləsinə edilən dəyişikliklər, Vergi Məcəlləsində nəzərdə tutulmuş tapşırıqların həyata keçirilməsi, vergi intizamının möhkəmləndirilməsi gəlirlərin formalaşmasına müsbət təsir göstərmişdir. Eyni zamanda, Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilən xərcləri də qeyd etməliyik.
Büdcənin icrasına gəldikdə isə mən bir faktı demək istəyirəm. Biz Maliyyə Nazirliyinin və Hesablama Palatasının əməkdaşları ilə hesablama apardıq. Gəlirlər bölməsi 23 maddədən ibarətdir. 23 maddədən cəmi 4 maddə üzrə kəsir yaranmışdır. Bu kəsirin məbləği bütövlükdə o boyda büdcədə cəmi 3,5 milyon manat təşkil edir. Yəni bütün maddələr üzrə, demək olar ki, gəlirlər yerinə yetirilmişdir. Cəmi 3,5 milyon manatlıq kəsir yaranıb, amma başqa sahələrdən olan artıq daxilolmalar o kəsiri də örtmüşdür.
Büdcənin icrası ilə əlaqədar bir faktı demək istəyirəm. Dövlət büdcəsinin icrası ilk dəfə olaraq 98 faizi ötmüşdür. Son illərdə belə bir şey olmamışdır.  Bu onu göstərir ki, həm maliyyə intizamı artıb, hökumətin nəzarəti var, həm də büdcədən maliyyələşən təşkilatlar maliyyə intizamına ciddi əməl etmişlər. Beləliklə də, büdcə xərclərinin icrasında, demək olar ki, problem yaranmamışdır. Bu da 2012-ci il dövlət büdcəsinin icrasını əvvəlki illərdən fərqləndirən mühüm cəhətlərdən biridir. Burada həm real sektorun, həm sosial sahələrin inkişafına, həm də nəzərdə tutulmuş proqramların icrasına kifayət qədər vəsait ayrılmışdır. Bu da nəticədə yoxsulluğun azalmasına, sosial sistemin daha da dayanıqlı olmasına, bütövlükdə Azərbaycan əhalisinin  gəlirlərinin artmasına kifayət qədər imkan vermişdir.
Dövlət Neft Fondundan daxilolmalar kifayət qədərdir. Dövlət Neft Şirkəti dövlət büdcəsi qarşısında öhdəliklərini tamamilə yerinə yetirmişdir. Nəqliyyat, rabitə, kənd təsərrüfatı sektorlarında müsbət meyillərin davamlılığını təmin etmək üçün dövlət büdcəsindən vəsaitlərin ayrılması davam etmişdir. Dövlət büdcəsinin parametrləri içərisində dövlət borcu, büdcə kəsiri, ehtiyat fondu, Prezidentin Ehtiyat Fondu kimi göstəricilər mühüm əhəmiyyət kəsb edir. Məlumat vermək istəyirəm ki, borclanma ilə əlaqədar Azərbaycan dövlətinin heç bir dövlət qarşısında problemi yaranmamışdır. Vacib olan borcların hamısı vaxtında ödənilmişdir. Beləliklə də,  2012-ci il üzrə bu parametrə görə də Azərbaycan MDB məkanında, eləcə də dünya dövlətləri içərisində qabaqcıl ölkələrdən biridir.
Büdcənin kəsiri kifayət qədər aşağıdır. Mən bu barədə danışmıram, çünki Hesablama Palatasının müqayisəli materialları var. Dünya ölkələri içərisində ən az dövlət büdcəsi kəsiri olan ölkələrdən biri məhz Azərbaycan sayılır. Bu yaxınlarda  başa çatmış çox dəyərli bir forumda amerikalı mütəxəssislər, politoloqlar söhbət zamanı bu məsələ ilə bağlı təəccüblərini açıq şəkildə etiraf edirdilər.
Cənab Prezidentin Ehtiyat Fondu tamamilə istifadə edilmişdir. Bu ehtiyat fondunun vəsaitləri, bilirsiniz ki, ölkənin sosial-iqtisadi inkişafının ən vacib məsələlərinin həllinə yönəlmişdir.
Dövlət büdcəsinin müzakirəsi zamanı təkliflər də oldu. Bu təkliflərdən biri ondan ibarət idi ki, nağdsız hesablaşmalar azalsın. POS-terminalların istifadəyə verilməsinə baxmayaraq, hələlik bu sahədə problemlər var.
Real sektorun inkişafına yönəldilən vəsaitlərdən səmərəli istifadə olunması, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılması ilə əlaqədar təkliflər də irəli sürüldü. Bütövlükdə İqtisadi siyasət komitəsi birmənalı şəkildə bildirdi ki, 2012-ci il dövlət büdcəsinin icrası “Büdcə sistemi haqqında” Qanunun tələblərinə tam müvafiqdir və Azərbaycan Respublikası Prezidentinin müəyyən etdiyi inkişaf strategiyasının hədəflərinin yerinə yetirilməsinə yönəlmişdir. Birmənalı şəkildə demək olar ki, dövlət büdcəsi Azərbaycanın gələcək inkişafı üçün güclü bazanın yaradılmasına öz töhfəsini vermişdir. Millət vəkillərindən qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim.  Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İndi hörmətli maliyyə nazirimiz Samir Şərifova söz verilir. Buyursun Samir müəllim.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsi və bununla bağlı hazırlanmış 2012-ci il dövlət büdcəsinin icrasına dair hesabat Milli Məclisə təqdim olunmuşdur. Hesabat özündə gəlirlərin mədaxil mənbələri və funksional təsnifatın paraqrafları səviyyəsində xərclərin icra vəziyyəti ilə bağlı göstəricilərlə yanaşı, ehtiyat fondlarından istifadə, dövlət borcuna xidmət, dövlət büdcəsinin profisiti, vahid xəzinə hesabının qalığı və  manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsi nəticəsində yaranmış itkilər barədə məlumatları da əks etdirir.
Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, hesabat Milli Məclisin İqtisadi siyasət komitəsində müzakirə edilərək bəyənilmiş və Milli Məclisin plenar iclasına təqdim olunmuşdur.
Müzakirənizə təqdim olunmuş materiallarda 2012-ci il dövlət büdcəsinin icrası ilə bağlı ətraflı məlumat verilmişdir. Onu da qeyd etmək istərdim ki, Hesablama Palatası tərəfindən də müvafiq rəy Milli Məclisə təqdim edilmişdir. Bütün bunları nəzərə alaraq mən çıxışımda daha çox dövlət və icmal büdcələrin əsas icra göstəricilərinin üzərində dayanacağam.
Hörmətli millət vəkilləri, ulu öndərimiz Heydər Əliyevin Azərbaycan Respublikası üçün müəyyənləşdirdiyi və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası 2012-ci ildə də ölkənin davamlı inkişafına, iqtisadiyyatımızın daha da şaxələnməsinə imkan yaratmışdır. 2012-ci ildə makroiqtisadi dayanıqlıq qorunub saxlanılmış, əhalinin yaşayış səviyyəsinin və pul gəlirlərinin artımı davam etmiş, iqtisadiyyatın prioritet istiqamətlərinə, ilk növbədə qeyri-neft sektorunun və regionlarımızın tarazlı inkişafına sabit investisiya qoyuluşu təmin edilmişdir.
Möhtərəm  Prezidentimiz İlham Əliyev tərəfindən hökumətin qarşısında qoyulan vəzifələrə uyğun olaraq 2012-ci ildə dövlət büdcəsindən nəzərdə tutulmuş bütün proqram və layihələrin icrasına nail olunmuş, yəni müvafiq maliyyələşmə həyata keçirilmişdir. İnvestisiya proqramlarında da elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət və idman obyektlərini özündə birləşdirən sosial layihələrlə yanaşı, elektrik enerjisi və təbii qaz təchizatı, içməli su və kanalizasiya sistemlərinin yaradılması, magistral yolların çəkilişi, kənd yollarının yenidən qurulması və yeni yolların inşası, meliorasiya və irriqasiya tədbirlərinin, aqrar sektora dəstəyin genişləndirilməsi işlərinin ahəngdar maliyyələşməsinə üstünlük verilmişdir. Sosial sahəyə ayrılan vəsaitlərin həcmi əvvəlki ilə nisbətən artırılmış, eyni zamanda, müasir tələblərə ayaqlaşmayan təhsil, səhiyyə, mədəniyyət ocaqlarının yenidən qurulması təmin olunmuşdur.
Qeyri-neft sektorunun tərəqqisində mühüm əhəmiyyət kəsb edən Regionların inkişafına dair Dövlət Proqramının icra edilməsi, kənd təsərrüfatına və aqrar sektora dövlət dəstəyinin artırılması, sahibkarlığın inkişafı, beynəlxalq öhdəliklərin yerinə yetirilməsi üçün müvafiq tədbirlər görülmüşdür.
Ölkədəki iqtisadi mühit dövlət və icmal büdcə göstəricilərinin artım dinamikasının 2012-ci ildə də təmin edilməsinə imkan vermişdir. Belə ki, Azərbaycan Respublikasının 2012-ci il icmal büdcəsinin gəlirləri 22,3 milyard manat və yaxud 101 faiz icra olunmuşdur. İcmal büdcənin xərcləri isə 20,1 milyard manat və yaxud 96 faiz icra edilməklə 2011-ci ilə nisbətən 2,5 milyard manat və ya 14,4 faiz çox olmuşdur. 2012-ci il icmal büdcəsi 900 milyon manat profisitlə proqnozlaşsa da, faktiki olaraq, 2,4 dəfə çox və ya 2,3 milyard manat büdcə artıqlığı əldə edilmişdir.
Ötən il dövlət büdcəsinin mədaxili 17 milyard 282 milyon manat və yaxud 101,4 faiz yerinə yetirilməklə 2011-ci illə müqayisədə 1 milyard 581 milyon manat – 10,1 faiz çox olmuşdur. Dövlət büdcəsinin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisi 32 faizə çatmışdır ki, bu da 2011-ci ilin göstəricisindən 1,9 faiz çox deməkdir.
2012-ci ildə dövlət büdcəsinin xərcləri proqnoza nisbətən 98,6 faiz və ya 17 milyard 417 milyon manat icra edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 2 milyard 19 milyon manat – 13,1 faiz çoxdur. Dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 32,3 faiz təşkil etmişdir ki, bu da 2011-ci ilin göstəriciləri ilə müqayisədə 2,7 faiz çoxdur. İqtisadi təsnifata uyğun olaraq strukturuna görə 2012-ci ildə dövlət büdcəsinin xərclərinin 9 milyard 278 milyon manatı və ya 53,3 faizi cari xərclərə, 7 milyard 926 milyon manatı və ya 45,5 faizi əsaslı xərclərə, 212 milyon manatı və ya 1,2 faizi dövlət borclarına xidmətlə bağlı xərclərə yönəldilmişdir.
Hörmətli millət vəkilləri, ölkə əhalisinin sosial rifahının yaxşılaşdırılması və sosial müdafiəsinin gücləndirilməsi Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin xüsusi diqqətində olmaqla bu istiqamətdə də 2012-ci ildə  əhəmiyyətli addımlar atılmışdır. 2012-ci ildə funksional təsnifat üzrə sosialyönümlü xərclərin maliyyələşdirilməsinə – elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət sahələrinə üst-üstə 4 milyard 190 milyon manat yönəldilmişdir ki, bu da əvvəlki ilə nisbətən 636 milyon manat və ya 17,9 faiz çox deməkdir. Dövlət əsaslı vəsait qoyuluşu xərcləri isə ayrılmış vəsait də nəzərə alınmaqla 1 milyard 451 milyon manat təşkil etmişdir. Qeyd olunan sahələr üzrə xərclərin dövlət büdcəsi xərclərində xüsusi çəkisi 32,4 faiz və ya 5 milyard 641 milyon manat təşkil etmişdir ki, bu da 2011-ci illə müqayisədə 1,6 faiz çox deməkdir.
Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, onların mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar möhtərəm Prezidentimizin imzaladığı müvafiq fərmana uyğun olaraq Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 20 təqvim ili və daha çox qüsursuz xidmət etmiş hərbi qulluqçulara dövlət büdcəsinin vəsaiti hesabına Bakı, Naxçıvan və Xırdalan şəhərlərində 2012-ci ildə və 2013-cü ilin 4 ayı ərzində 187 mənzil alınmışdır. Bunun üçün 31 milyon manat vəsait sərf edilmişdir. Bu iş davam etdirilir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan Respublikasının vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi Qaydaları haqqında imzaladığı tarixi fərman ölkə əhalisinin uzun illərdən bəri gözlədiyi ciddi sosial problemin həllinə yol açdı. Bu fərman ölkəmizdə reallaşdırılan ən əhəmiyyətli sosial layihələrdən biri kimi dövlətin sosialyönümlü və vətəndaşların maraqlarını özündə birləşdirən və çoxminli əhali təbəqəsinin maddi və maliyyə durumuna birbaşa təsir göstərəcək siyasi iradəni ortaya qoymuşdur. Nəticə olaraq 2012-ci ildə keçmiş SSRİ Əmanət Bankının Azərbaycan Respublikasının vətəndaşı olan əmanətçilərinə 1 milyon 448 min 941 əmanət hesabı üzrə 554 milyon 712 min manat fərdi birdəfəlik ödəmələr həyata keçirilmişdir. Onu da  qeyd etmək istəyirəm ki, 2012-ci ilin 5 ayı ərzində bu işlər davam etdirilmişdir. Hörmətli millət vəkilləri, möhtərəm Prezidentimizin ali diqqəti və dəyərli tapşırıqları nəticəsində postsovet məkanında bu prosesin ən işlək və səmərəli variantı məhz Azərbaycanda həyata keçirilib.
2012-ci ildə ölkənin müdafiə qüdrətinin artırılması üçün dövlət büdcəsindən müdafiə xərclərinə 2 milyard 899 milyon manat vəsait yönəldilmişdir ki, bu da 2011-ci illə müqayisədə 735 milyon manat və ya 8,8 faiz çoxdur. 2012-ci ildə dövlət büdcəsi xərclərinin proqramlar əsasında icrasına üstünlük verilmişdir. Onu da qeyd etmək istərdim ki,  proqramlarla əhatə olunmuş xərclər dövlət büdcəsində 6 milyard 50 milyon manat səviyyəsində olmuşdur.
2012-ci ildə dövlət əsaslı vəsait qoyuluşu xərcləri hesabına elm, təhsil, səhiyyə, mədəniyyət, idman və digər sosial-mədəni və məişət təyinatlı obyektlərin tikintisinə və yenidən qurulmasına 1 milyard 451 milyon manat, o cümlədən elmə 24, təhsilə 642, səhiyyəyə 184, sosial müdafiəyə 67, mədəniyyət və turizmə  413, idmana 121 milyon manat vəsait sərf olunmuşdur.
Hesabat ilində dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərindən Naxçıvan Muxtar Respublikasında həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsinə 130 milyon manat vəsait ayrılmışdır. Dövlət büdcəsindən ayrılmış investisiya xərcləri ilə yanaşı, ölkəmizdə yol, su təchizatı, meliorasiya, kənd təsərrüfatı, sosial və digər infrastrukturların tikintisi və yenidən qurulması işlərinin həyata keçirilməsi üçün xaricdən cəlb olunmuş kreditlərdən 1 milyon manat vəsait istifadə edilmişdir.
İcmal büdcənin xərclərinə daxil olan Dövlət Neft Fondunun vəsaiti hesabına ölkəmizdə və xaricdə həyata keçirilən bir sıra investisiya layihələrinin və tədbirlərin maliyyələşdirilməsi üçün 2012-ci ildə 639 milyon manat, o cümlədən qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri ilə bağlı tədbirlərin maliyyələşməsinə 300 milyon manat vəsait ayrılmışdır. 
2012-ci ilin dövlət büdcəsində nəzərdə tutulmuş ehtiyat fondlarının xərclərinin icrası barədə məlumat vermək istərdim. Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan həlli vacib hesab edilən bir sıra sosial və infra-struktur layihələrin həyata keçirilməsi, şəhər, rayon və qəsəbələrdəki abadlıq və quruculuq işlərinin davam etdirilməsi, kəndlərarası yolların tikintisi və digər sosial tədbirlərin maliyyələşdirilməsi üçün 300 milyon manat vəsaitdən istifadə edilmişdir. Hesabat dövründə Dövlət Büdcəsinin Ehtiyat Fondundan əvvəlcədən büdcədə nəzərdə tutulması mümkün olmayan bir sıra əhəmiyyətli tədbirlərin maliyyələşdirilməsinə 838 milyon manat, o cümlədən keçmiş SSRİ Əmanət Bankının əmanətçilərinə birdəfəlik ödəmələrin verilməsinin maliyyələşdirilməsinə 300 milyon manat vəsait yönəldilmişdir.
Aqrar sektor və kənd təsərrüfatına dövlət dəstəyi tədbirləri 2012-ci ildə də davam etdirilmişdir. “2008–2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair” Dövlət Proqramının icrası üçün 112 milyon manat vəsait sərf edilmişdir. Hesabat ilində də sahibkarlığın inkişafı iqtisadi siyasətin prioritet istiqaməti olmuşdur. Həmin məqsədə dövlət büdcəsindən 90 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 2,6 dəfə və ya 56 milyon manat çox deməkdir.
2012-ci ilin dövlət büdcəsindən “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinə 45 milyon manat vəsait ayrılmışdır. Regionların sosial-iqtisadi inkişafı, vergi bazasının və vergi ödəmə qabiliyyətinin artması nəticəsində 2012-ci ildə dövlət büdcəsinin yerli gəlirləri üzrə proqnoza 106,8 faiz əməl edilmişdir ki, bunun nəticəsində büdcəyə 534 milyon manat vəsait daxil olmuşdur. Bakı şəhəri istisna olmaqla rayon və şəhərlərin yerli gəlirləri proqnoza qarşı 408 milyon manat və ya 108,1 faiz icra edilmişdir ki, bu da 2011-ci illə müqayisədə 18 milyon manat çoxdur.
2012-ci ildə Naxçıvan Muxtar Respublikasının büdcəsinin xərcləri 319 milyon manat icra olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə 15 milyon manat və ya 5 faiz çox deməkdir. Rayon və şəhərlərin yerli xərclərindən isə 1 milyard 246 milyon manat vəsait yönəldilərək icra olunmuşdur. Bu, 2011-ci illə müqayisədə 2,1 milyon manat və yaxud 0,2 faiz çox deməkdir. Hesabat ilində dövlət büdcəsindən Naxçıvan Muxtar Respublikasının büdcəsinə 258 milyon manat əvvəlki illə müqayisədə 5,4 milyard və ya 2,1 faiz çox vəsait yönəldilmişdir. Yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən rayon və şəhərlərin yerli xərclərinə isə 747 milyon manat dotasiya, yəni maliyyə yardımı ayrılmışdır.
Hörmətli millət vəkilləri, məlum olduğu kimi, 2012-ci ilin dövlət büdcəsi 634 milyon manat kəsirlə təsdiq edilmişdir. Dövlət büdcəsinin mədaxili proqnozunun artıqlaması ilə icra edilməsi, obyektiv səbəblərə görə bəzi xərclər üzrə qənaətin əldə olunması nəticəsində büdcə kəsirinin maliyyələşdirilməsi mənbələrindən tam istifadə etmək zərurəti yaranmamışdır. Faktiki olaraq büdcə kəsiri 135 milyon manat təşkil etmişdir. Büdcə kəsiri, əsasən, büdcə təşkilatlarından kənar daxilolmalar (100 milyon manat) və özəlləşmədən daxilolmalar (35 milyon manat) hesabına örtülmüşdür. Dövlət büdcəsinin kəsiri ümumi daxili məhsulun 0,3 faizi həcmində olmuşdur ki, bu da proqnozda nəzərdə tutulduğundan 1,1 faiz azdır.
2013-cü il 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabında 465 milyon manat qalıq vəsait mövcuddur ki, həmin vəsaitinin də 2013-cü il dövlət büdcəsi kəsirinin maliyyələşməsinə və dövlət borcuna xidmətlə bağlı yarana biləcək xərclərin örtülməsinə yönəldilməsini təklif edirik.
Hörmətli millət vəkilləri, çıxışımın   yekununda sizi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Hesablama Palatasının sədri Heydər Əsədov buyursun.
H.Əsədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Məndən öncə hörmətli Ziyad müəllim və Samir müəllim büdcənin parametrləri haqqında həm iqtisadi, həm də funksional təsnifat üzrə çox geniş məlumat verdilər. Azərbaycan Respublikası Hesablama Palatasının Milli Məclisə təqdim etdiyi hesabatda və eləcə də bu gün təqdim etdiyimiz rəydə Hesablama Palatasının geniş təhlili öz əksini tapmışdır. Ona görə də mən çox qısa şəkildə bir neçə məsələyə Hesablama Palatasının mövqeyini bildirmək istəyirəm.
Hər şeydən əvvəl onu qeyd etmək istəyirəm ki, Valyuta Fondunun hesabatına əsasən 2012-ci il tarixdə iqtisadi vəziyyətin bir növ pisləşməsi və böhranın ikinci ressessiyasının başlanmasına risklərinin mövcud olduğu bir il kimi qalmışdır. Eləcə də İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının apardığı təhqiqatlara görə (bu təşkilat 34 dövləti əhatə edir), 2009-cu ildən sonra ilk dəfə olaraq 2012-ci ilin son rübündə iqtisadi artım 0,2 faiz aşağı düşmüşdür. Eləcə də Avropa Birliyinə daxil olan ölkələrdə artım tempi zəifləmiş, 0,5 faiz aşağı düşmüşdür. Ümumi daxili məhsulun artımına baxmayaraq, onun özünün də artım sürəti keçən il aşağı düşmüşdür. Beləliklə, dünya səviyyəsində götürsək, büdcə parametrləri üçün o qədər də münbit il olmamışdır. Bunu da, gördüyünüz kimi, bir çox ölkələr özlərinin büdcələrinin icrasında yaşamışlar.
Azərbaycana gəldikdə isə tamamilə fərqli bir hal müşahidə olunur. Belə ki, keçən il ümumi daxili məhsulun yenə artım tempi özünü saxlamışdır. Bu, dövlət başçısı möhtərəm İlham Əliyevin və onun iqtisadi komandasının apardığı siyasətin nəticəsi kimi qiymətləndirilməlidir.
Qısaca dövlət gəlirləri haqqında deyim. Keçən il neft hasilatının azalmasına baxmayaraq, dövlət büdcəsinə nəzərdə tutulduğundan 243,3 milyon manat artıq vəsait daxil olmuşdur. Siz bilirsiniz, həmişə daxilolmalar artarkən bəzən buna bir neçə tədiyyə növü, bir neçə region üzrə nail olunur, bəzən də bunun ahəngdarlığı pozulur. Burada ən maraqlı hal ondan ibarət olmuşdur, əksər tədiyyə növləri üzrə keçən il büdcəyə daxilolmalar tam yerinə yetirilmiş, əksər rayonlarda yerli gəlirlər nəzərdə tutulduğundan artıq daxil olmuş və eləcə də vergi daxilolmalarının ahəngdarlığı büdcə xərclərinin ahəngdar, dinamik aparılmasına maliyyə təminatı yaratmışdır.
Yenə mən burada bir faktoru qeyd edirəm ki, bəzən neftin qiymətinin aşağı düşməsi və yaxud neft hasilatının azalması Azərbaycan büdcəsini, iqtisadiyyatını çətin vəziyyətdə qoya bilər. Amma keçən il neft hasilatının aşağı düşməsinə baxmayaraq, bu parametrlərə nail olunması büdcəmizin, iqtisadiyyatımızın, strategiyamızın, həqiqətən, alternativsiz və dayanıqlı olduğunu bir daha sübut elədi.
Büdcənin xərclərinə gəldikdə isə bu artım tempi kontekstində o da, demək olar ki, son illərin ən pik səviyyəsində – 98,6 faiz yerinə yetirilmişdir. Büdcə icrası üçün bu çox böyük göstəricidir. Yəni istər-istəməz əmək haqqında, mənzil-kommunal xərclərində, tikinti işlərində proqnozlaşdırılan səviyyəyə nail olmaq qeyri-mümkündür. 95 faizdən yuxarı icra ən yüksək göstəricidir. Keçən il 98,6 faiz yerinə yetirilməsi, hesab edirəm ki, sonrakı bir neçə ildə bundan müqayisə bazası kimi istifadə etməyə şərait yaradacaqdır. Bu o deməkdir ki, cəmi büdcədə nəzərdə tutulan vəsaitdən 255 milyon xərclənməmişdir. Bu 255 milyonun 64,7 milyonu əmək haqqı olmuşdur. Bu da bilirsiniz, vakansiyalar, xəstəlik vərəqələri və digər bu kimi subyektiv səbəblərdəndir.
İkinci, mal, iş xidmətlərinin qənaəti hesabına olmuşdur ki, bunu da yaxşı hal kimi qiymətləndirmək lazımdır. Mənzil-kommunal xərcləri üzrə 24 milyon manata, idarələrin saxlanması xərclərində isə 20 milyon manata qənaət olunmuşdur. Yerli gəlirlərin artıqlaması ilə yerinə yetirilməsi hesabına yerli büdcələrə subsidiyalar 44,4 milyon az göndərilmişdir ki, bunu da müsbət hal kimi qiymətləndirmək olar. Aktivlərin alınmasına 13 milyon, üzvlük aktları üzrə 6 milyon və digər bu kimi xərclər üzrə qənaət olunmuşdur.
Bu rəqəmləri deməkdə məqsədim odur ki, dövlətin heç bir sosial tədbiri, heç bir proqramı, heç bir infrastruktur layihəsi maliyyəsiz qalmamışdır. Qənaət olunan məbləğ yalnız ikinci dərəcəli xərclərdir ki, bunlar da müsbət qiymətləndirilməlidir. Burada mühüm hal kimi onu da vurğulamaq istərdim ki, büdcə təşkilatları proqnozlar tərtib edilərkən hələ də Maliyyə Nazirliyinə lüzumsuz xərcləri sifariş edirlər və bu da son nəticədə belə qənaət məbləğlərinin yaranmasına gətirib çıxarır. Mən hesab edirəm, həm Maliyyə Nazirliyi, həm də Hesablama Palatası gələcəkdə bu məsələlərə xüsusi diqqət yetirməlidir.
Büdcənin daxili və xarici borc limitinə tam riayət olunmuşdur. Ümumiyyətlə, son 3–4 ildə Milli Məclis tərəfindən təsdiq olunan həm xarici, həm də daxili borclanma limitinin 50–60 faizindən yuxarı hissəsi istifadə olunmamışdır.
Büdcə kəsiri 634 milyona qarşı cəmi 134 milyon manat olmuşdur ki, bu da nəzərdə tutulduğundan xeyli aşağıdır. Burada mühüm fakt ondan ibarət olub ki, birinci, büdcə kəsirini örtmək üçün xarici borclanmadan istifadə olunmayıb, büdcə kəsirini bağlamaq üçün heç bir ölkədə istiqraz yerləşdirilməyib. İkinci, bütün büdcə kəsiri yalnız daxili mənbələr hesabına örtülüb. İlin sonuna 465 milyon xəzinə qalığı olmuşdur. Bunu nəzəri surətdə büdcə kəsirinin bağlanması kimi qəbul etsək, aydın olur ki, büdcə kəsirlə yox, əksinə, profisitlə yerinə yetirilmişdir. Bu müsbət halları çox sadalamaq olar. Axırda onu qeyd etmək istəyirəm, gəlirlər üzrə daxilolmaların artıq yerinə yetirilməsi vergi inzibatçılığının yüksəldilməsi, yeni seqmentlərin tətbiqi, vergi bazasının genişləndirilməsi, xərclərdə olan müvəffəqiyyət isə aparılan maliyyə təkmilləşdirilmələri hesabına əldə olunmuşdur. Ona görə də biz bu büdcəyə müsbət rəy vermişik və onun qəbul olunmasını xahiş edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, Hesablama Palatasının rəyini eşitdiniz. Mən də hesab edirəm ki, artıq müzakirəyə ehtiyac yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.45 dəq.)
 Lehinə  103
 Əleyhinə  2
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  105
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Samir müəllim, çox sağ olun, təbrik edirik. Gedə bilərsiniz, buyurun.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası ilə Hindistan Respublikası arasında cinayət  işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında” Müqavilənin təsdiq edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Sədr. Cənab Sədr, 3, 4 və 5-ci məsələlər Azərbaycanla Hindistan arasında müxtəlif sahələrdə qarşılıqlı hüquqi yardımla əlaqədar bağlanan müqavilələrdir. Ona görə icazə versəniz, hər üç sənədi birgə məruzə edərdim.
Birinci müqavilə, qeyd etdiyimiz kimi, Azərbaycanla Hindistan arasında cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqındadır. Ölkələrimizin məsafəcə uzaqda yerləşməsinə baxmayaraq, belə bir konvensiyanın vacibliyinə şübhə yoxdur.
İkincisi mülki və ticarət işləri üzrə hüquqi və məhkəmə yardımı haqqında müqavilədir. Ölkələrimiz arasında yaxşı iqtisadi münasibətlər olduğuna görə, ticari işləri tənzimləyəcək konvensiyanın olması zəruridir.
Nəhayət, üçüncü müqavilə Hindistan və Azərbaycan arasında təslimetmə haqqındadır. Əlbəttə ki, söhbət hüquq mühafizə orqanları arasındakı əməkdaşlıqdan gedir. Hesab edirəm ki, hər 3 müqavilə beynəlxalq hüquq normalarına uyğun olaraq hazırlanmışdır. Həmkarlarımdan hər 3 müqaviləyə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, onda bir-bir səsə qoyaq. Xahiş edirəm, gündəliyin üçüncü məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.47 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Xahiş edirəm, gündəliyin dördüncü məsələsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.47 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Çox sağ olun.
Xahiş edirəm, beşinci məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.48 dəq.)
 Lehinə  91
 Əleyhinə  1
 Bitərəf  1
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, beynəlxalq sazişlər qəbul edildi.
Növbəti 7 məsələ Milli Məclisə cənab Prezident tərəfindən bir zərfdə daxil olan məsələlərdir. Bunlar qanunlara dəyişikliklərdir. Bu məsələlərə 3 komitədə baxılıb. Mən təklif edərdim ki, 7 məsələni bir yerdə təqdim etsinlər, müzakirə edək, sonra da ayrı-ayrı səsə qoyarıq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, Əli müəllim, buyurun, 6-cı məsələni təqdim edin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, cənab Sədrin qeyd etdiyi kimi, 7 məsələ cənab Prezident tərəfindən bir məktubla daxil olmuşdur. Bunun əsas səbəbi ondan ibarətdir ki, “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya Qanunu qəbul olunmuşdur. Bu qanun keçmiş Prezidentə və onun ailə üzvlərinə bir sıra təminatlar yaradır. Bunlar qüvvədədir, çünki Konstitusiya Qanunu ilə qəbul olunmuşdur. Amma qanunvericiliyin nizama salınması məqsədi ilə Konstitusiya Qanununda öz əksini tapmış normaların sahəvi qanunlarda da əks olunması vacibdir. Bu baxımdan “İcra haqqında” Qanunun “Tələbin yönəldilməsinə yol verilməyən pul məbləğləri” maddəsində həmin Konstitusiya Qanununun müddəaları əks olunur.
9-cu məsələdə – Cinayət-Prosessual Məcəlləsində də dəyişiklik edilir, yenə də “Prezident və onun ailə üzvləri” anlayışı verilir.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

10-cu məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. “Qanun qarşısında bərabərlik prinsipi” maddəsində həm də keçmiş Prezidentin toxunulmazlığı müddəasi öz əksini tapır.
Nəhayət, gündəliyin 12-ci məsələsi. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanununu Konstitusiya Qanununa uyğunlaşdırmaq məqsədi ilə keçmiş Prezidentə və onun həyat yoldaşına ömürlük diplomatik pasport verilməsi müddəası “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna köçürülmüş olur.
Beləliklə, hörmətli Ziyafət müəllim, 6, 9, 10 və 12-ci məsələlər mənim tərəfimdən məruzə olundu. Bu məsələlərlə bağlı komitənin müsbət rəyi var. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Hörmətli deputatlar, cənab Prezident tərəfindən bir zərfdə gəlmiş müxtəlif qanun layihələri ayrı-ayrı komitələrdə müzakirə olunub. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Minnətdaram, Ziyafət müəllim. İki qanuna dəyişiklik ediləcək. “Əmək pensiyaları haqqında” Qanunun 3.4-cü maddəsinə əlavə edilib: “Azərbaycan Respublikasının keçmiş Prezidentinin pensiya təminatı məsələləri “Azərbaycan Respublikasının keçmiş Prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə tənzimlənir”.
Digər bir qanuna – “Sosial müavinətlər haqqında” Qanunun 7 maddəsinə bir neçə dəyişiklik edilib. Həmin müddəaların da hər biri məhz Konstitusiya Qanunundan irəli gələn məsələlərin bu qanunla ehtiva olunmasıdır. Düşünürəm ki, hər iki qanuna edilən dəyişikliklər komitəmiz tərəfindən yüksək qiymətləndirilib və buna səs vermək olar. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununda da dəyişikliklər nəzərdə tutulur. Komitə sədri Nizami Cəfərov, buyurun.    
N.Cəfərov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Bu qanunun 6-cı maddəsinə belə bir əlavə olunur: “Azərbaycan Respublikasının keçmiş Prezidentinin rəsmi yazışma sənədlərinin surətlərindən ibarət arxiv keçmiş Prezidentin sərəncamında saxlanılır”. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Hörmətli deputatlar, qanun layihələri ilə əlaqədar çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
Onda xahiş edirəm, 6-cı məsələyə – “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun  layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.53 dəq.)
 Lehinə  94
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  2
 İştirak edir  97
 Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.54 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Milli Arxiv Fondu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.54 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 12.55 dəq.)
 Lehinə  99
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 12.55 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 12.56 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə səs verin.

Səsvermənin nəticələri  (saat 12.57 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  99
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Müzakirələr davam edir. 13-cü məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Məlumat üçün qeyd edim ki, bu məsələlər də təxminən mahiyyətcə eynidir. Belə ki, “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nda dəyişikliklər edilməsi haqqında cənab Prezidentin 2012-ci il tarixli fərmanı var. Bu fərmanla əlaqədar qeyd etdiyiniz kimi, Mülki Məcəllənin “Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı” maddəsinə dəyişiklik edilir.
Eyni zamanda, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda, hörmətli Ziyafət müəllim, daşınmaz əmlaklara da ünvan verilməsi məsələsi öz əksini tapır.
Nəhayət, “Avtomobil yolları haqqında” Qanunda avtomobil yolları barədə məlumatların da ünvan reyestrinə daxil edilməsi ilə bağlı xüsusi bir maddə göstərilir. Beləliklə, qeyd etdiyim 13, 16 və 17-ci məsələlər cənab Prezidentin 2012-ci il tarixli fərmanının tövsiyələrindən irəli gəlir və hər biri daşınmaz əmlakların ünvan reyestrinə salınması ilə bağlıdır. Odur ki, sizdən bu məsələləri dəstəkləməyi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Aydındır, çox sağ olun. Qanun layihələri ilə əlaqədar çıxış etmək istəyənlər var. Elmira Axundova, buyurun.
E.Axundova. Çox sağ olun, Ziyafət müəllim. Demək olar ki, hər iclasda biz avtomobil yolları, yol hərəkəti qaydaları ilə bağlı məsələlərə baxırıq, bunlarla əlaqədar qanunvericiliyi təkmilləşdiririk. Yollarda təhlükəsizliyin gücləndirilməsi məqsədi ilə cərimələri sərtləşdiririk. Bu əlavələri də müsbət qiymətləndirə bilərik. Ədalət naminə demək lazımdır ki, görülən tədbirlər nəticəsində yollarda və ictimai nəqliyyatda vəziyyət xeyli yaxşılaşmışdır.
Amma mən bircə dəqiqə vaxtınızı alaraq çox narahatedici bir məsələdən söz açmaq istərdim. Deməli, bütün tədbirlərə baxmayaraq, avtomobil yollarında, xüsusilə ictimai daşımalarda vəziyyət gərgin olaraq qalır. Az qala hər gün avtobusların törətdiyi ağır qəzaların, çoxlu sayda insan tələfatının şahidi oluruq. Avtobus sürücüləri hələ də lazımi sürücülük mədəniyyətinə yiyələnməyiblər. Onların çoxunun bu sahədə səriştəsi və təcrübəsi yoxdur. Açıq şəkildə deyirəm ki, sürücülərin bəziləri bəlkə də psixonevroloji dispanserin kontingentidir. Ona görə də biz Bakı küçələrində avtobusların qorxunc yarışlarının, harada gəldi saxlanılmasının və sair xoşagəlməz halların şahidi oluruq. Ən acınacaqlısı da bunların nəticəsində külli miqdarda qəza qurbanlarının olmasıdır.
Mən bir təklif vermək istəyirəm. Çox xahiş edirəm ki, əlaqədar qurumlar buna fikir versinlər. Sovetlər dövründə ictimai nəqliyyatda işləmək üçün sürücülər ən azı 10 il professional sürücülük stajı əldə etməli idilər. Məhz bundan sonra onlara avtobuslarda işləməyə icazə verilirdi. İndi isə vəziyyət belədir ki, dünən sürücülük vəsiqəsi alanlar bu gün artıq sərnişin daşımasını həyata keçirirlər.
İctimai daşımaları təşkil edən qurumlardan artıq dərəcədə xahiş edirəm ki, Bakı və digər iri şəhərlərdə dövlət nəzarətində olan kurslar təşkil edilsin. Bu kurslarda sərnişin daşımalarında işləmək istəyən şəxslərə yol hərəkəti qaydalarından əlavə, etika, psixologiya, əhali ilə ünsiyyət, davranış qaydaları tədris edilsin. Yalnız bu kursları bitirən, uğurla imtahan verən və sertifikat alan şəxslərə ictimai nəqliyyatda işləməyə icazə verilsin.
Misal üçün, 4 il ərzində ali məktəbdə oxumuş şəxslər savadlı mütəxəssis olmalarına baxmayaraq, ixtisasartırma kurslarından keçdikdən sonra təhsil ocaqlarında dərs deməyə icazə alırlar. Bəs nə üçün biz bənzər qaydaları ictimai nəqliyyat sürücülərinə münasibətdə tətbiq etməyək? Axı, onların yaxşı sürücü olmaqdan əlavə, digər meyarlara da cavab vermələri lazımdır. Həmin şəxslərə hər gün yüzlərcə insanın həyatı etibar edilir. Sürücü həmin sərnişinlərlə ünsiyyətdə olur. Sürücülərin psixi durumu, ictimai yerlərdə özlərini aparmaq bacarığı, tərbiyəsi qaydalara cavab verməlidir. Özünüz də şahidsiniz ki, cərimələri nə qədər sərtləşdirsək də, bunun o qədər təsiri olmayıb. Mən deyərdim ki, əksinə, indi daha tez-tez yollarda avtobus qəzalarının şahidi oluruq. Hesab edirəm ki, yuxarıda qeyd etdiyim tədbirlər sayəsində bu cür halların azalmasına nail ola bilərik. Çox təkidlə xahiş edirəm ki, müvafiq qurumlar səsləndirdiyim təklifləri nəzərə alsınlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Mən çıxış eləmək yox, təklif vermək istəyirdim. Mən təsəvvür eləmirəm, Azərbaycandan başqa dünyanın elə bir ikinci ölkəsi olsun ki, orada büdcənin icra vəziyyəti müzakirəsiz səsverməyə qoyulsun, amma 5-ci, 10-cu, 15-ci dərəcəli məsələlərlə bağlı müzakirələr açılsın. Siz bu məsələ ilə bağlı dediniz ki, müzakirələri davam etdiririk, mən məəttəl qaldım ki, axı, müzakirə olmayıb. Siz deyəydiniz ki, səsverməni davam etdiririk, bu, başqa məsələdir.
SSRİ Ali Sovetinin dövründə yaz və payız sessiyaları olurdu.  Ali Sovetin Rəyasət Heyəti bütün məsələləri yığırdı, sonra iki günün ərzində səsverməyə qoyurdular, bununla da iş bitirdi.
İndi cari məsələlərə vaxt ayrılmır ki, millət vəkilləri onları düşündürən, narahat eləyən məsələlərlə bağlı fikirlərini söyləsinlər. Bütün beynəlxalq ictimaiyyət bizə baxır, jurnalistlər burada iştirak edirlər. Millət vəkilləri olaraq bizim bu cür əhəmiyyətli məsələlərin müzakirəsindən yayınıb, belə deyək də, üçüncü, dördüncü dərəcəli məsələlərlə bağlı müzakirə açmağımızın mənası yoxdur. Millət vəkilləri də etiraz eləməzlər, ona görə  xahiş edirəm, dalbadal səsə qoyaq, məsələni həll edək. Sağ olun.
Sədrlik edən. Qüdrət müəllim, nəzərinizə çatdırım ki, Milli Məclisə seçkilər 2015-ci ildə olacaq, amma Siz indidən piar kampaniyasına başlamısınız. Sizin o SSRİ Ali Soveti ilə bağlı apardığınız müqayisə çox mənasız və məntiqsiz bir şeydir. Cənab Sədr izah elədi, büdcəni sizin müzakirənizə verdi. Yerdən də heç kim etiraz eləmədi, heç kim də yazılmadı. O cümlədən Siz də yazılmadınız. Ondan sonra səsə qoyuldu. Bu nə deməkdir? Burada jurnalistlər oturub, özünüzü göstərirsiniz? Kimə lazımdır bu ucuz təbliğat? Ayıb olsun. Eldar müəllim, buyurun, növbəti məsələ sizin komitədə müzakirə olunub. 
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Torpaq Məcəlləsinə dəyişiklik nəzərdə tutulub. Bu, Torpaq Məcələsinin 4-cü maddəsi – “Torpaq sahəsi” ilə əlaqədardır. Burada 6-cı bənddə iki dəyişiklik var. Bu da reyestr ünvanları ilə əlaqədardır. Məndən qabaq sıxış edən həmkarlarım bu barədə danışdılar.
Bu əlavələr əsasən Azərbaycan Respublikası Torpaq Məcəlləsinin həm Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.4-cü maddəsinə, həm də Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 10 fevral tarixli 590 nömrəli fərmanı ilə dəyişiklik edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi qaydaları”nın 3.9-cu bəndinə uyğunlaşdırılmasından ibarətdir. Bu məsələ bizim komitədə müzakirə olunub. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Eldar müəllim.
Növbəti məsələ. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Hazırda küçə və meydanlara, ərazi vahidlərinin digər hissələrinə adı rayon və şəhər icra hakimiyyəti orqanları verir. Bu məsələ “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla tənzimlənir. Əfsuslar olsun ki, bu qanunda hansı müddət ərzində bu məsələlərin müvafiq orqanlara verilməli olması haqqında bir norma yoxdur və nəticədə obyektlərin qeydiyyatında, bir obyektin, ya xüsusi mülkiyyətin bir şəxsdən digərinə verilməsində, onların ünvanlarının müəyyənləşdirilməsində böyük çətinliklər var.
Müzakirəyə təqdim olunan qanun layihəsində nəzərdə tutulur ki, “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 9-cu maddəsinin səkkizinci hissəsinə əlavə olunsun. Bu əlavədə qeyd edilir ki, küçələrə ad verildikdə və ya onların adları dəyişdirildikdə şəhər və rayon icra hakimiyyəti orqanları bu haqda 3 gündən gec olmayaraq müvafiq orqanlara məlumat verməlidirlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim.  Qanun layihələri ilə bağlı çıxış etmək istəyən varmı, hörmətli deputatlar?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
Onda xahiş edirəm, 13-cü məsələdən başlayaq. 13 və 17-ci məsələlər də cənab Prezidentdən bir məktubla gəlib. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi. Xahiş edirəm, münasibət bildirək.  

Səsvermənin nəticələri  (saat 13.08 dəq.)
 Lehinə  96
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun layihəsinə, xahiş edirəm, səs verək.

Səsvermənin nəticələri  (saat 13.08 dəq.)
 Lehinə  92
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  1
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri  (saat 13.09 dəq.)
 Lehinə  96
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  96
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin. 

Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  97
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  97
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.10 dəq.)
 Lehinə  92
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! 2012-ci il dekabrın 21-də “Dövlət rüsumu haqqında” Qanuna əlavələr və dəyişikliklər edilmişdir. Həmin dəyişikliklərlə bağlı təklif olunur ki, Mülki-Prosessual Məcəlləsinin 109 və 272-ci maddələri çıxarılsın. Bunun əvəzinə isə 108-ci maddə yeni redaksiyada verilsin: “məhkəmə əmri haqqında ərizələr verildikdə”. Hesab edirəm ki, layihə qəbul oluna bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Nə təklif olacaq? Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.11 dəq.)
 Lehinə  95
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  95
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. 19-cu məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə 348-7-ci maddənin əlavə olunması, hesab edirəm ki, kifayət qədər əhəmiyyətli bir məsələdir. Təəssüf ki, bir sıra hallarda hüquqi nihilizm mövcuddur. Vətəndaşlarla dövlət orqanları arasında olan münasibətlər zamanı vətəndaşlar hüququ müəyyən edən sənədlərin verilməsi üçün müraciət edirlər. Bunun müqabilində isə onlardan qanunda nəzərdə tutulmayan sənədlər tələb olunur. Təəssüf ki, belə hallar mövcuddur və bu cür süründürməçilik hallarının qarşısının alınması məqsədi ilə İnzibati Xətalar Məcəlləsinə belə bir maddə əlavə olunur. Eyni zamanda, sanksiyalar da, hesab edirəm ki, ciddidir – vəzifəli şəxslər üçün 300 manatdan 400 manatadək miqdarda cərimə. Daha sadə dillə desək, vətəndaş hansısa bir arayış almaq istəyirsə, bunun müqabilində onun özündən də hansısa sənədlər tələb olunursa, bu qanunsuzdur, bu halda məsuliyyət nəzərdə tutulur. Çox sağ olun.
Sədrlik edən. Başqa bir təklif yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.13 dəq.)
 Lehinə  93
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  93
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
20-ci məsələ. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Dəyişiklik texniki xarakter daşıyır. Belə ki, biz 2012-ci ildə Cinayət Məcəlləsinə dəyişiklik etmişdik. Yeni maddələr nəzərdə tutulmuşdu. Cinayət-Prosessual Məcəlləsinin 37-ci maddəsi isə cinayət təqibinin növlərini göstərir və indi 37.3-cü maddədə Cinayət Məcəlləsinə 2012-ci ildə nəzərdə tutduğumuz maddələrin, yəni 163-cü və 169-1-ci maddələrin də göstərilməsinə ehtiyac var. Çox sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.14 dəq.)
 Lehinə  98
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  98
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında. Buyurun, Arif müəllim.
A.Rəhimzadə. Sağ olun, Oqtay müəllim. Bu layihədə Cəlilabad rayonunun inzibati ərazi bölgüsündə yeddi düzəliş nəzərdə tutulur.
Birinci düzəliş. Bilirsiniz, 1970-ci illərdə belə bir ideya var idi ki, perspektivi olmayan kəndlər, təsərrüfatlar birləşsin. Ona görə də Türkelli kəndi ilə Xanəgah kəndi birləşdirilib. Halbuki Xanəgah kəndi heç vaxt Türkelli kəndi ilə birgə olmayıb. Onların arasında xeyli məsafə də var. Türkelli kəndinin məktəbi, digər infrastruktur  obyektləri var. Əhali bir neçə dəfə məsələ qaldırıb ki, bu kənd müstəqil inzibati ərazi vahidi kimi qeydə alınsın. Birinci məsələ bununla əlaqədardır.
İkinci məsələ. Kürdlər kənd inzibati ərazi dairəsinin tərkibində kənd var və onun adını təhrif edərək “İcarə” yazıblar. Burada nəzərdə tutulub ki, onun tarixi adı bərpa olunsun və həmin kənd Eçara kəndi adlandırılsın.
Növbəti beş məsələ yeni inzibati ərazi dairələrinin yaradılması ilə əlaqədardır. Nəzərdə tutulur ki, Kürdlər kənd inzibati ərazi dairəsi tərkibində yeni Sərhədabad inzibati ərazi dairəsi yaradılsın və bu inzibati ərazi dairəsinin tərkibinə Sərhədabad, Məşədivəlli və Əliabad kəndləri daxil edilsin.
Zopun kəndi Astanlı inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq Zopun kənd inzibati ərazi dairəsi yaradılsın və bu inzibati ərazi dairəsinin tərkibinə Zopun, Cəfərli, Çünəxanlı, Həsənli və Məşədi Hüseynli kəndləri daxil edilsin.
Muğan kənd inzibati ərazi dairəsinin tərkibindən Kazımabad kəndi ayrılır və onun əsasında Kazımabad inzibati ərazi dairəsi yaradılır.
Təzəkənd kəndi Üçtəpə kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılır və bunun əsasında Təzəkənd inzibati ərazi dairəsi yaradılır.
Nəhayət, Badamağac, Buravar və Şatırlı kəndləri Ləkin kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılır və Şatırlı mərkəz olmaqla Şatırlı kənd inzibati ərazi dairəsi yaradılır.
Qanunun qəbulu idarəetmə orqanlarını əhaliyə yaxınlaşdırmaqla yerlərdə insanların problemlərinin daha operativ və keyfiyyətlə həll edilməsinə və ərazi vahidlərinin sosial-iqtisadi inkişafına müsbət təsir göstərəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən, təbii ki, bu mövzuya toxunacağam. Amma bundan əvvəl bir məsələni qeyd etmək istəyirəm. Yaxşı ki, Ziyafət  müəllimin özü də  gəlir. Hər halda bunu qeyd eləməkdə, məncə, fayda var.
Bayaq Elmira xanım söylədi ki, sürücülərin, başqa peşə sahiblərinin etik davranış qaydalarına diqqət eləməsi vacibdir. Mən, Oqtay müəllim, hesab edirəm, deputatların hər hansı bir tənqidi çıxışına rəyasət heyətindən verilən cavablarda bir qədər diqqətli olmaq lazımdır. Məsələn, deputat həmkarım Qüdrət Həsənquliyev çıxış eləyəndə Ziyafət müəllim açıq mətnlə dedi ki, “ayıb olsun sizə”. Yəqin, bunun cavabında yerdən də deputat qayıtmalıdır ki, “ayıb sizə olsun”. Belə ifadəmi işlədilər?
Z.Əsgərov. (Eşidilmir.)
F.Mustafa. Ziyafət müəllim, mən xatirinizi çox istəyirəm. Vallah başqa niyyətlə də demirəm. Deputatdır, tənqid eləyir, nə olar ki? Məxsusi Sizi tənqid eləmədi ki... Cavab verəndə deputata niyə “ayıb olsun” deyirsiniz? Sabah münasibətlərdə niyə hər hansı bir şəkildə narahatçılıq ortaya çıxsın? Ona görə mən bunu yanlış bir addım hesab edirəm və xahiş edirəm ki, gələcəkdə deputatların tənqidinə bu cür sərt reaksiyalar verilməsin.
İkinci, fürsətdən istifadə edib Elmira xanımın 60 illiyini təbrik edirəm. Bu günlərdə 60 yaşı tamam olub.
İndi isə müzakirə olunan məsələ ilə bağlı bir epizodu demək istəyirəm. Arif müəllim bu məsələdə çox dəqiq və diqqətli insandır. Mən bir problemi qaldırmışdım. Bakının Sabunçu rayonunun Pirşağı qəsəbə inzibati ərazi dairəsi tərkibində Sovxoz-2 deyilən bir yaşayış məntəqəsi var. Sovet dövrü bitib, 20 il keçib. Sovxoz-2 deyilən yaşayış məntəqəsi nə deməkdir? Dəfələrlə bunu qaldırmışıq.
Arif müəllim çox sağ olsun. Vətəndaşları çox yüksək səviyyədə qəbul elədi, yola saldı. Dəfələrlə özü icra hakimiyyətinə məktub yazdı. Prezident Aparatına yazıldı. İndiyə qədər biz 10 ildir Sovxoz-2-nin adını dəyişib ona başqa ad qoya bilmirik. Yəni kiminsə marağına uyğun deyil deyə bu yaşayış məntəqəsi Sovxoz-2 adını daşımalıdır?
Cəlilabadın hansısa ucqar kəndində dəyişikliyi başa düşdüm. Bunun lehinəyəm və səs verəcəyəm. Bir kəndin inzibati quruluşu dəyişilir, adında hansısa nöqsan var, dəyişilir. Bakının ortasında adi bir adın dəyişməsi məsələsini biz həll eləyə bilmirik. Ona görə də, məncə, bu cür məsələlərə həssaslıqla yanaşmaq lazımdır ki, əhalinin müəyyən hissəsinin tələbləri, təklifləri diqqətə alınsın. Yenə deyirəm, Arif müəllim çox çalışdı, özü də dəfələrlə məktublar yazdı. Görünür, Milli Məclisin bu məsələdə gücü çatmır. Halbuki bunu həll eləyən orqan Milli Məclis olmalıdır. Biz bu məsələni operativ həll eləməliyik ki, vətəndaşlar narazı qalmasın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Birincisi, Milli Məclisin hər şeyə gücü çatır. Müraciət edilib, qərar qəbul olunubsa, müvafiq sənədlər Milli Məclisin komitəsinə gələndə bu məsələyə baxılır. Bu birinci məsələ.
İkinci, mən indi öyrəndim, Sizin çıxışınızın məğzi nədən ibarətdir. Büdcənin icrası müzakirə olunanda heç bir millət vəkili çıxış üçün təkid eləmədi. Siz bilirsiniz ki, təkid olanda mən hamıya söz verirəm. Mən təklif elədim. Sonra daldan atılan daş kimi Milli Məclisi Ali Sovetlə müqayisə eləmək, mən hesab edirəm, tamamilə yersizdir.
Bu son iclasda belə lazımsız çıxışlar, bir-birimizə təhdidlər, hesab edirəm, nə bizə yaraşır, nə sizə. Biz də Milli Məclisin üzvüyük, siz də. Necə yəni rəyasət heyəti belə gəldi, o biri belə getdi. Kim deyə bilər ki, indiyə kimi millət vəkillərinin hər hansı bir xahişinə, təkidinə Milli Məclisin rəhbərliyi tərəfindən etinasızlıq göstərilib, kiməsə söz verilməyib? Belə sözləri mən çox yersiz hesab edirəm. Sonra çağırış eləmək ki, jurnalistlər, bunları yazın. Bu tamamilə düzgün məsələ deyil. Xahiş edirəm, bir-birimizə bir az hörmət eləyək, Milli Məclisin iclasını tamaşaya çevirməyək.
Gündəliyin müzakirə olunan məsələsinə aid çıxış etmək istəyən varmı? Yoxdur. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.23 dəq.)
 Lehinə  101
 Əleyhinə  0
 Bitərəf  1
 Səs vermədi  1
 İştirak edir  103
 Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Layihəyə iki komissiyada baxılıb. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsinin 126-cı maddəsi ev heyvanlarının saxlanması qaydalarını tənzimləyir. Amma eyni zamanda, biz Avropa Şurasının “Ev heyvanlarının mühafizəsi haqqında” Konvensiyasına qoşulmuşuq. O konvensiyadan irəli gələn bir sıra tələblər var. Bu ilk növbədə dispozisiya ilə bağlıdır. Ona görə də maddənin dispozisiyası genişlənir, eyni zamanda, sanksiyalar da kifayət qədər artırılır.
Hesab edirəm ki, bu dəyişiklik həm də mövcud reallıqdan irəli gəlir. Çünki bu gün artıq ev heyvanları anlayışı, saxlanılan heyvanların çeşidi daha genişdir. Bəzən insanlar onlarla təmasda hansısa xətalara da yol verirlər. Buna görə onlara qarşı sanksiyaların gücləndirilməsi, hesab edirəm ki, kifayət qədər məntiqlidir. Yəni həm konvensiyaya qoşuluruq, həm də mövcud məsələləri daha yeni sanksiyalarla tənzimləyirik. Çox sağ olun.
Sədrlik edən. Eldar müəllim, Sizin əlavəniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində edilməsi təklif olunan dəyişikliklərlə bağlı bildirmək istərdim ki, insani münasibətlər yalnız insanlara qarşı deyil, bütün canlı varlıqlara qarşı nümayiş etdirilməli, bu münasibətlər vəhşilik və zorakılıqdan uzaq olmalıdır. Bu baxımdan təklif edilən dəyişiklikləri müsbət dəyərləndirirəm.
Bununla belə, bəzi bəndlərlə əlaqədar bir sıra narahatedici suallar ortaya çıxır. Məlum olduğu kimi, “Ev heyvanlarının mühafizəsi haqqında” 1987-ci il noyabrın 13-də Strasburq şəhərində imzalanmış Avropa Konvensiyası Azərbaycan Respublikasının ona dair qeyd-şərti ilə 2007-ci il mayın 31-də təsdiq edilmişdir. Bizə təqdim edilən sənəddən göründüyü kimi, təklif edilən dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin həmin konvensiyanın tələblərinə uyğunlaşdırılması məqsədi daşıyır.
126.1.2-ci maddədə ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Sual doğur ki, söhbət hansı şərtlərdən gedir və bu şərtlər hansı qanunvericilik aktında əks olunub? Çünki müvafiq konvensiyanın 6-cı maddəsində yalnız bir şərt qeyd olunur ki, o da 16 yaşı çatmamış şəxsə ev heyvanı satılmasının qadağan olunmasıdır.
Digər məsələ 126.1.4-cü maddə ilə bağlıdır. Bu maddəyə görə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq it və pişiklərin saxlanması qadağandır. Amma belə bir sualım var, müvafiq icra hakimiyyəti orqanı hansı kriteriləri əsas götürərək bu sayı müəyyənləşdirəcək? Konvensiyadan göründüyü kimi, ev heyvanı dedikdə xüsusilə ev şəraitində saxlanılan heyvan nəzərdə tutulur. Bununla bərabər, məsələn, kənd yerlərində, yaylaqlarda, fermalarda sürünü qorumaq üçün kəndlilər xeyli sayda çoban iti saxlayırlar. Bu itlər də əslində ev heyvanıdır. Ona görə sual olunur, onların sayını müvafiq icra hakimiyyəti orqanı necə məhdudlaşdıra bilər? Bu sayı sürünü qorumağa cavabdeh olan çobandan daha yaxşı kim bilə bilər? Düşünürəm ki, bu maddə qeyri-müəyyən olduğu üçün yenidən işlənməlidir.
Konvensiyanın özündə bir neçə dəfə, İnzibati Xətalar Məcəlləsinin isə 126.1.9-cu maddəsində “heyvanların rifahı” anlayışından istifadə olunur. Hesab edirəm ki, “rifah” anlayışı insanlara aid olduğu üçün “heyvanların rifahı” anlayışı doğru deyil.
İnzibati Xətalar Məcəlləsinin 126.1.10-cu maddəsi müvafiq konvensiyanın 10-cu maddəsindən irəli gəlir. Lakin konvensiyadan fərqli olaraq İnzibati Xətalar Məcəlləsində ev heyvanlarının quyruğunun kəsilməsi bəndi qeyd olunmayıb. Bundan əlavə, konvensiyada “səsin batırılması” ifadəsi olduğu halda məcəllədə “devokalizasiya” anlayışından istifadə edilir. Bu uyğunsuzluqdur.
Bundan başqa, bu maddə yenə də kənd yerlərinə uyğun deyil. Bu zalda oturanların əksəriyyəti kənd həyatı ilə yaxından tanışdır. Kənd yerində böyüyən insanların çoxu bilir ki, kəndlilərin təsərrüfatını qoruyan itlər tez-tez canavar və digər yırtıcı heyvanlarla qarşılaşdığı üçün bu itlərin qulaq və quyruqlarını hələ kiçik vaxtlarında kəsməli olurlar. Belə olan halda biz gərək bundan sonra bütün kənd camaatını cərimələyək. Bu çox ciddi məsələdir. Təklif edirəm ki, heyvanın qulaq və quyruğunun kəsilməsi məsələsini 126.1.10-cu maddədən tamamilə çıxaraq.
Mən təklif edərdim ki, bu dəyişikliklər müvafiq komitələrdə bir daha işlənilsin və yenidən müzakirəyə çıxarılsın. Çünki məcəllənin konvensiyaya uyğunlaşdırılması zamanı bir sıra müddəalar, göründüyü kimi, bizim yerli əhalinin həyat tərzinə tam zidd gəlir. Bütün bu məsələlərə aydınlıq gətirilməsini xahiş edirəm.
Sədrlik edən. İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, möhtərəm cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, təkcə insanlara deyil, həm də heyvanlara insanlar tərəfindən insani münasibət göstərilməlidir. Amma çox təəssüf olsun ki, Azərbaycan cəmiyyətində  heç insanlara insani münasibət göstərmirlər. Ola bilsin ki, cənab Sədr deyəcək, bu, gündəliklə bağlı deyildir. Amma cari məsələlər olmadığına görə iki kəlmə ilə bunu demək istəyirəm.
Son günlərdə naməlum şəxslər İsgəndər Həmidovu oğurladılar, aparıb döydülər. Dünən Aslan İsmayılov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə aparılıb və döyülüb buraxılıb. Ona qarşı konkret tələblər irəli sürülüb. Müstəntiq heç adını da gizlətmir, özünü də çox aydın şəkildə göstərir.
Hüquqi cəmiyyət deyiriksə, bu gün burada heyvanlara qarşı insani münasibət istəyiriksə, nəhayət ki, bizdə də insana insani münasibət göstərəcək qurumlar olmalıdır. Hələlik isə bizim bu qurumların bu cür münasibəti ən azı Milli Məclis və səlahiyyətli dövlət orqanları tərəfindən qınaqla qarşılanmalı və təqsirkarlar məsuliyyətə cəlb olunmalıdır. Bu məsuliyyətsizlik cəmiyyətdə çox ciddi qarşıdurma əhvalruhiyyəsi, çox ciddi başıpozuqluq yaradır və hüququn ayaqlar altına atılmasını təsdiq edir. Bu tipli hallara hüquq mühafizə orqanları ilə yanaşı qanunverici orqan da öz reaksiyasını bildirməlidir. Bəli, deyə bilərlər ki, məhkəməyə müraciət edin. Amma məhkəmə obyektiv araşdırmır və nəticədə insanların hüquqları pozulur.
Mən israrla həm hüquq mühafizə orqanlarından, həm də Milli Məclis rəhbərlərindən xahiş edirəm və tələb edirəm ki, İsgəndər Həmidovun şənbə günü oğurlanaraq aparılmasına və Aslan İsmayılovun dünən Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində döyülməsinə qarşı tədbir görülməsini və təqsirkarların qəti şəkildə cəzalandırılmasını tələb edən bir mövqe ortaya qoysunlar. Çox sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Qanun layihəsi vacib qanun layihəsidir. Mən bununla əlaqədar bir misal göstərə bilərəm. Londonda olan insanların bir çoxu görüb ki, orada müharibədə həlak olmuş heyvanların heykəllərini qoyublar. Yəni orada heyvanlara hətta bu cür münasibət bəsləyirlər ki, Birinci dünya müharibəsində həlak olmuş heyvanlarla bağlı bir abidə yaradıblar. Ona görə mən hesab edirəm ki, ev heyvanlarına yanaşma tərzi düz olmalıdır.
Burada səslənən bir neçə fikrə də münasibət bildirmək istəyirəm. Oqtay müəllim, Siz çox gözəl dediniz, bizim sessiyalarımız həmişə nizamlı, intizamlı olubdur. Heç kəs burada etikadan kənar hər hansı bir ifadə işlətməyibdir və hesab edirəm ki, bundan sonra da belə olmalıdır. Təəssüf olsun ki, bu il seçki ili olduğundan bir çoxları bacardıqca özlərini göstərməyə çalışırlar. Məsələn, burada qeyd olundu ki, kimlərsə aparılıb döyülübdür. Belə bir şey olmayıbdır. Sadəcə, bu adamlar şou düzəltməkdən ötrü döyülmək faktorunu ortaya atırlar ki, diqqəti özlərinə cəlb etsinlər.
Ola bilər, kimi isə nə ilə isə əlaqədar hara isə dəvət edə bilərlər. Burada hüququn pozuntusu nədən ibarətdir ki? Tutalım, bir nəfəri hüquq mühafizə orqanlarına çağırıblar. Nə ilə əlaqədar, heç o aydın deyil. Özü demək istəmir ki, onu nədən ötrü çağırıblar. Birinci növbədə onu ortaya atır ki, bunu çağırıb orada döyüblər. Belə bir hal olmayıb. Biri yas yerinə gedir, deyir, çıxanda məni döydülər. Biri, nə bilim, toya gedir, deyir, çıxanda məni döydülər. Araşdırırsan, görürsən ki, heç belə bir fakt yoxdur. Bunlar, sadəcə olaraq, xarici qüvvələrə, müəyyən qurumlara seçki öncəsi dəstavüz verməkdən ötrü bu adamların atdığı addımlardır.
İkinci bir tərəfdən hər bir peşə sahibinin öz fəaliyyət sahəsi var. Ya bu peşə fəaliyyəti ilə məşğul olmalısan, ya siyasətlə. İkisinin qarışığı tutmur heç vaxt. Əgər peşə fəaliyyəti ilə məşğul olursansa, get peşə fəaliyyətinlə məşğul ol. İnsanları şantaj etməklə öz peşə hüququnu həyata keçirmək istəyirsənsə, bu baş tutmur, bu, hüququn pozuntusudur. Bu baxımdan kim bu cür addımlar atmaq istəyirsə, özü iflasa uğrayacaq və yalandan da dövlət haqqında, hakimiyyət haqqında boş şayiələr yaymasın. Bunu döydülər, bunun üstünə silah çəkdilər, bunu nə bilim nə etdilər və sair. Bunlar hamısı yanlış informasiya, yanlış məlumatdır.
Ola bilər, kim isə kiminlə isə söhbət edibdir. Bunu şişirdib mətbuat səhifəsində və ya internet saytlarında vermək, hüquq müdafiə təşkilatlarına, xarici təşkilatlara göndərmək və sair qarşıdan gələn seçkilərin üstünə kölgə salmaqdan ötrü əvvəlcədən planlaşdırılmış addımlardır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu, yaz sessiyasının sonuncu iclasıdır, onu yaxşı notlarla bitirmək istəyirik. Mən bir məsələni sizin yadınıza salmaq, nəzərinizə çatdırmaq istəyirəm. Siz görürsünüz, son vaxtlar Azərbaycanda dal-badal nə qədər möhtəşəm beynəlxalq tədbirlər keçirilir, xaricdən bizə nə qədər qonaqlar gəlir.
Son günlərdə keçirilən belə tədbirlərdən biri də “Gələcəyə baxış” ABŞ-Azərbaycan forumu oldu. Sözün düzü, mən federal konqresmenlərlə görüşəndə gördüm ki, onların çoxunun Azərbaycan haqqında bu günə kimi heç təsəvvürü yox imiş. Onlarla 907-ci düzəliş haqqında danışanda aydın oldu ki, bundan heç xəbərləri yoxdur. Sonra bizim həmkarlarımızdan biri dedi, bir-birindən soruşurmuşlar ki, nəyə görə indiyə kimi Azərbaycana dair 907-ci düzəliş qalıb.
Onların bəziləri Azərbaycana gələndə fikirləşirmişlər ki, Bakı çirkli bir şəhərdir, Azərbaycanı başqa ölkələrlə müqayisə edirmişlər. Ancaq Bakını görəndən, Azərbaycanla tanış olandan sonra dedilər ki, bu, sivil, dünyəvi, demokratik dövlət quran bir ölkədir. Biz hamımız Azərbaycana, strateji mövqedə olan bu ölkəyə dəstək verməliyik. Hamısı bir ağızdan dedi ki, Amerikaya qayıdandan sonra biz hamımız Azərbaycanın dostları olacaq və Azərbaycan həqiqətlərini hər yerdə danışacağıq.
Azərbaycanın tarixində bu qədər konqresmenin iştirak etdiyi bir forum keçirilməmişdi. İclasdan sonra hətta bir konqresmen dedi ki, heç Amerika konqresində bir belə amerikalı yığılmır. Mən hesab edirəm, belə forumlar, bu cür görüşlər dünyada erməni diasporunun və Azərbaycanı istəməyən bəzi qüvvələrin ölkəmiz haqqında yaydıqları yalanların ifşası üçün çox önəmlidir.
Mən istəyərdim ki, burada bu məsələlərdən, görülən işlərdən, Azərbaycanın xeyrinə, dövlətin, xalqın xeyrinə olan məsələlərdən danışılsın. Bizim Milli Məclisin işçiləri də bu tədbirin təşkilat işlərində çox əziyyət çəkdilər. Foruma qeyri-hökumət təşkilatları, Neft Şirkəti, BP, bizim bir çox şirkətlər sponsorluq etmişdilər. Bu tədbirin böyük uğurla keçməsinə görə hamınızı təbrik edirəm.
İndi isə xahiş edirəm, 20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.38 dəq.)
 Lehinə  99
 Əleyhinə  1
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Builki yaz sessiyasının sonuncu məsələsi – İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında. Əli müəllim, sonuncu məsələni də məruzə edin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar! İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı bu sonuncu məsələ kifayət qədər vacib məsələdir. Çünki ölkəmizdə bir sıra hallarda tibbi əsaslar olmadan qeysəriyyə  kəsiyi əməliyyatlarının aparılması halları da mövcuddur. Bu isə ana və uşağın həyatı və sağlamlığı üçün kifayət qədər ciddi təhlükədir. Əlbəttə, belə tibbi əsaslar Səhiyyə Nazirliyinin müvafiq təlimatlarında göstərilib. Amma bir sıra hallarda praktikada bu cür pozuntular baş verir.
Məhz bu cür xətaların qarşısını almaqdan ötrü İnzibati Xətalar Məcəlləsinə yeni bir maddənin əlavə edilməsi təklif olunur. Bu maddəyə görə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş tibbi əsaslar olmadan qeysəriyyə kəsiyi əməliyyatının aparılmasına görə vəzifəli şəxslərin 5 min manatdan 7 min manatadək, hüquqi şəxslərin isə 10 min manatdan 15 min manatadək məbləğdə cərimələnməsi nəzərdə tutulur. Bu kifayət qədər ciddi sanksiyadır və hesab edirəm ki, bu cür qanunsuz halların qarşısının alınmasında müəyyən bir rol oynayacaq. Çox sağ olun.
Sədrlik edən. Mənim bir xahişim olacaq, bu barədə də fikirləşək. Qeysəriyyə əməliyyatından danışdıq. Ancaq bizdə indi bu məsələ ilə əlaqədar yaranmış ən mürəkkəb vəziyyət UZİ-lərlə bağlıdır. Pis çıxmasın, Allahın da işinə qarışırıq. Bətndə olan uşağın cinsinin vaxtından əvvəl müəyyənləşdirilməsi Azərbaycanın demoqrafiyasına çox pis təsir edir. Yəqin, gələcəkdə bu haqda fikirləşmək lazımdır ki, bunu necə ləğv etdirmək olar, necə eləmək olar ki, bu məsələlərdə bizim həkimlərimiz bir az diqqətli olsunlar və insanları bu fikirlərdən daşındırsınlar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.
Qadağan etsək də, müasir aparatlardan imtina edə bilməyəcəyik. Bunun qarşısını başqa cür almaq üçün isə fikirləşmək lazımdır. Gələcəkdə bu məsələlərə də, Əli müəllim, baxmaq lazımdır. Çünki getdikcə bu hallar daha da sürətlə artır. Musa Quliyevin sualı var, buyursun.
M.Quliyev. Çox sağ olun, Oqtay müəllim. Sizin dediyiniz məsələ ilə bağlı arayış vermək istəyirəm. Çox aktual bir məsələ qaldırdınız. Onu bildirmək istəyirəm ki, bizim komitənin hazırladığı Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsində qanunsuz ultrasəs müayinəsi zamanı uşağın cinsinin təyin olunmasına və bununla  bağlı abortun aparılmasına qadağa qoyulur. İnşallah, payız sessiyasında məsələ müzakirə  olunanda həllini tapacaq.
Sədrlik edən. Sağ olun. Aytən Mustafayevanın sualı var. Buyurun.
A.Mustafayeva. Çox sağ olun, Oqtay müəllim. Bu məsələni qaldırdığınız üçün təşəkkür edirəm. Bu məsələ, doğrudan da, bizim üçün çox vacibdir. Amma bu kifayət deyil. Xəstəxanalarda “eko” deyilən süni mayalanma vasitəsilə də, UZİ vasitəsilə cinsi seçimi qadağan eləməklə də vəziyyət düzəlməyəcək. Etika komitələri olmalıdır. Etika komitələri də icazə verməli və ya verməməlidir. İcra orqanları bizdə bu məsələyə ciddi nəzarət etməlidir.
YUNESKO-nun Bioetika və insan hüquqları haqqında Bəyannaməsi var. Orada bu məsələlər bütünlüklə öz əksini tapıb. Təəssüf ki, biz bu işlərdən çox geridə qalmışıq. Bu məsələləri qaldırmalı, komitədə baxmalıyıq. Reproduktiv sağlamlıqla bağlı, insan hüquqları ilə bağlı bu məsələyə ciddi diqqət yetirməliyik. Doğrudan da, bu, demoqrafik vəziyyətə çox ciddi təsir göstərir. Təşəkkür edirəm.
Sədrlik edən. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Mən də Sizin qaldırdığınız məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Doğrudan da, bu çox aktual məsələdir. Cinsi seleksiyanın qadağan olunmasının vaxtı çoxdan çatıb.
Onu da qeyd edim ki, Azərbaycanda bununla bağlı vəziyyət heç də ürəkaçan deyil. Rəsmi statistikaya görə, 2012-ci ildə ölkəmizdə 54 faiz oğlan, 46 faiz qız dünyaya gəlmişdir. 2011-ci ildə də 0,2 faiz  yuvarlaqlaşdırsaq, bu göstərici yenə də 54-ün 46-ya nisbətində olmuşdur. Bu elə bir problemdir ki, onun fəsadları təxminən 18–20 ildən sonra özünü göstərəcək.
Doğrudan da, bunun vaxtı çoxdan çatıb. Mən düşünürəm ki, cinsinə görə uşağın saxlanıb-saxlanmamasını müəyyən etmək Allahın iradəsi əleyhinə çıxan ən iyrənc üsullardan biridir.
Azərbaycanda qeysəriyyə kəsiyi əməliyyatlarının aparılması sahəsində də vəziyyət ürəkaçan deyil. Ona görə də dövlətin imperativ müdaxiləsinin zəruri olduğunu mən də vurğulayır və İnzibati Xətalar Məcəlləsinə belə bir maddənin əlavə edilməsini alqışlayıram.
Amma bu maddənin tənzimləmə səviyyəsi ilə bağlı bir-iki iradımı bildirmək istəyirəm. Burada yalnız vəzifəli və hüquqi şəxslər üçün məsuliyyət müəyyən olunub. İnzibati Xətalar Məcəlləsində belə bir şey yoxdur ki, qanun pozuntusunu hər hansı bir şəxs törətsin, amma həmin qanun pozuntusuna görə onun özünü yox, tabe olduğu rəhbəri və ya işlədiyi müəssisəni məsuliyyətə cəlb etsinlər. Qeysəriyyə kəsiyini bilavasitə həyata keçirən həkimə heç bir məsuliyyət müəyyən olunmayıb.
Azərbaycan qanunvericiliyində, həm İnzibati Xətalar Məcəlləsində, həm də Cinayət Məcəlləsində tibb işçiləri ilə bağlı bir sıra maddələr var. Məsələn, tibb müəssisəsində qanunsuz abortun həyata keçirilməsi. Burada nə vəzifəli şəxsin, nə də həmin tibb müəssisəsinin məsuliyyətindən yox, yalnız tibb işçisinin özünün məsuliyyətindən söhbət gedir. Məsələn, Cinayət Məcəlləsinin “Eftanaziya” adlı 135-ci maddəsi. Eftanaziya xəstənin xahişinə əsasən həkim tərəfindən onun öldürülməsi deməkdir. Bu maddədə də yalnız həmin tibb işçisinin məsuliyyətindən söhbət gedir. Amma bu qanun layihəsində qeysəriyyə əməliyyatını bilavasitə həyata keçirən həkimin məsuliyyətdən kənarda qalması, onun şöbə müdirinin, baş həkiminin və yaxud işlədiyi tibb müəssisəsinin inzibati məsuliyyətə cəlb olunması, mən hesab edirəm ki, obrazlı desək, qanundan yan keçməyə çox real bir şərait yaradır.
Məsələnin başqa bir tərəfi də var. Deyək ki, qeysəriyyə əməliyyatı keçirildi, çox ağır nəticələr meydana gəldi, yəni uşaq və ya qadın dünyasını dəyişdi. Ortada ağır nəticə var. Onda bəs bu əməl hansı maddə ilə tövsif olunacaq? Ona görə mən xahiş edərdim ki, hörmətli Əli müəllim, qanunvericilik təşəbbüsünün subyekti ilə razılaşdırılsın, burada həkimin məsuliyyəti qoyulsun. Amma ortada ağır nəticələr olanda bunu Cinayət Məcəlləsinə də aid etmək olar. Yəni qeysəriyyə əməliyyatı həyata keçirilərkən uşağın və ya ananın ölümü ağır nəticə kimi qiymətləndirilə və ağır məsuliyyət yarada bilər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Rafael müəllim, son dediyiniz var. Əgər ölüm hadisəsi olursa, təqsirkarlar cinayət məsuliyyəti daşıyırlar. Amma ikinci dediyiniz məsələ ilə razı deyiləm. Bu xəstəxananın baş həkimi var, cərrahiyyə şöbəsinin müdiri var, onun işçiləri var. Onların xəbəri olmadan heç bir həkim heç bir əməliyyat apara bilməz. Qayda budur. Yəni bu tamamilə düzgün fikirdir ki,  həmin müəssisənin rəhbərliyi bu məsələyə cavabdehdir. Onlar bu məsələyə cavabdeh olmasalar, belə halların qarşısı alınmayacaq. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Doğrudan da, uşaqların cinsinin əvvəlcədən müəyyən olunması ilə bağlı məsələ cəmiyyətdə uzun müddətdir müzakirə olunur. Əhalinin böyük əksəriyyəti həkimlər tərəfindən uşağın cinsiyyətinin doğuşdan əvvəl hamilə qadınlara deyilməsinin əleyhinədir. Mən hesab edirəm, biz qanunverici orqan olaraq ictimaiyyətin bu mövqeyini nəzərə alıb bunu qanunvericilik qaydasında qadağan eləyə bilərik.
Qeysəriyyə kəsiyi əməliyyatı ilə bağlı isə Rafael müəllim söylədi ki, həkimlər buna görə məsuliyyət daşımırlar. Mənə elə gəlir ki, burada vəzifəli şəxslər deyəndə elə həkimlər nəzərdə tutulur. Amma hüquqi şəxslər deyəndə, sözsüz ki, həmin əməliyyatın keçirildiyi xəstəxana və ya özəl klinikadan söhbət gedir.
Hələ vaxtımıza var. Mən də bu sessiyanın yaxşı notlarla başa çatmasını istəyirəm. Ona görə Avronestin növbəti sessiyası barədə qısa bir məlumat vermək istəyirəm. Bilirsiniz ki, Elxan Süleymanovun sədrliyi ilə Avronestin sessiyası oldu və orada bizim millət vəkilləri ölkəmizi yüksək səviyyədə təmsil etdilər, erməniləri ifşa elədilər. Bizdən Məlahət xanım, Gülçöhrə xanım, Fərəc Quliyev, Fuad Muradov çıxış elədilər. Mənim də çıxışım oldu. Hesab edirəm ki, orada Azərbaycanın maraqları tam müdafiə olundu və ermənilərin Azərbaycan əleyhinə hədsiz sayda təqdim elədiyi təkliflər gündəmdən çıxarıldı.
Sonda bir şeyi də qeyd etmək istəyirəm. Oqtay müəllim, Siz mənimlə bağlı bir fikir söylədiniz, dediniz, guya mən jurnalistlərə çağırış etmişəm ki, nəsə yazsınlar. Jurnalistlər özləri bilirlər, nəyi yazmaq lazımdır, nəyi yox. Siz burada yox idiniz. Sizə yanlış məlumat veriblər ki, mən belə bir çağırış eləmişəm. Stenoqrama baxsanız, bəzi məsələlər Sizin üçün daha aydın olar. Əlbəttə, büdcənin icrası ilə bağlı məsələdə Siz söyləsəydiniz ki, kim təkid edir, söz istəyir, o zaman mən söz alardım. Amma Siz dərhal səsverməyə keçdiniz, ona görə də mən yerdən təkidlə söz istəmədim.
Mən adi qaydada öz fikrimi bildirdim. Vacib deyil ki, burada oturanların hamısı Ziyafət Əsgərov kimi və ya Sizin kimi, yaxud Yeni Azərbaycan Partiyasının üzvləri kimi düşünsün. Biz demokratik bir cəmiyyət qurmaq istəyirik, qururuq.
Ziyafət müəllimin mənin haqqımda dediklərinə təkrar qayıtmıram, ona görə ki, yerdən qaytardım ona o sözləri. Hesab edirəm, bir-birimizə münasibətdə daha tolerant və daha dözümlü olmalıyıq. Sağ olun.
Sədrlik edən. Yazılanlardan təkid eləyən var? Onda xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.51 dəq.)
 Lehinə  100
 Əleyhinə  0
 Bitərəf  0
 Səs vermədi  0
 İştirak edir  100
 Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən əvvəl də sizə demişdim ki, bizim sessiyamız iyun ayında, yəqin, işləyəcək. 91 nəfər millət vəkili müraciət eləyibdir. Ancaq Konstitusiyaya uyğun olaraq bu gün mayın 31-i Azərbaycan parlamentinin yaz sessiyasının son iclasıdır. Mən yaz sessiyasını bağlı elan edirəm.

(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ
31 may 2013-cü il

İlyas İsmayılov. Bizə təqdim olunan Azərbaycan Respublikasının 2012-ci il dövlət büdcəsinin icrası haqqında qanun layihəsində qeyd olunur ki, iqtisadiyyatın qeyri-neft sektorunda əlavə dəyərin 9,7 faiz artımı müşahidə olunub, onun ümumi daxili məhsulda (ÜDM-də) xüsusi çəkisi təxminən 4 faiz artıb. Yəni iqtisadiyyatın diversifikasiyası prosesi artıq gedir və büdcəyə daxil olan neft gəlirləri tədricən qeyri-neft gəlirləri ilə əvəzlənir. Bu, xoş haldır.
Bununla yanaşı, Azərbaycanın ixracının neft, qaz və neft məhsullarından  asılılığının səviyyəsi 2012-ci ildə yenə 90 faizdən artıq olub ki, bu da bütün dünyada neft-qaz ölkələri arasında ən yüksək göstəricilərdən biridir, yəni neftdən asılılıq hələ də kritik həddədir.
Zənnimcə, diversifikasiyanı ləngidən və onun daha geniş şəkildə aparılmasına mane olan bir sıra faktorlar mövcuddur. Onlardan ikisini göstərmək istərdim: 1. Xammal satışından ölkəyə gələn xarici valyuta axını qarşısında yerli valyutanın bahalaşması və bunun nəticəsində bir sıra iqtisadi sektorların rəqabət qabiliyyətinin azalması. 2. Hökumətin prioritet kimi seçdiyi sektorlardan, demək olar ki, yarısının Azərbaycan üçün yüksək hesab oluna bilən ixrac və idxalı əvəzetmə potensialı yoxdur. İdxal-ixrac prosesində rəsmi və qeyri-rəsmi əngəllər hələ də qalmaqdadır.
Başqa problem infrastruktur layihələri ilə bağlıdır. Son illər büdcədə infrastruktura yönəlik dövlət investisiyaları artmaqdadır. Bunu müsbət qarşılamaq olardı, lakin bəzi  investisiya layihələrinin icrası və dəyəri suallar doğurur.
2005–2011-ci illərdə “Azərenerji” Səhmdar Cəmiyyətinə 1 milyard 206 milyon manat dövlət investisiyası yönəldilib. Bununla belə, bu investisiyalar elektrik enerjisi istehsalına təsir etməyib. Bu investisiyaların fonunda 2006-cı ildən başlayaraq elektrik enerjisi istehsalı hələ də yatırılan pula müvafiq ölçülərdə artmayıb, əksinə, 23 milyard kilovat-saatdan 20 milyard kilovat-saata enib.
Qeyri-neft sektoru üzrə 6 iri dövlət vergi ödəyicisi üzrə aparılmış hesablamalar göstərir ki, 2007–2012-ci illərdə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinə daxil olan müəssisələr və “Dövlət Dəmir Yolları” Səhmdar Cəmiyyəti istisna olmaqla qalan dövlət şirkətləri dövlət büdcəsindən aldıqları investisiya ilə müqayisədə xeyli az vergi ödəyiblər. Ümumiyyətlə, bu 6 iri dövlət vergi ödəyicisinin son 6 il ərzində dövlət büdcəsindən aldığı investisiya yardımı ödədiyi vergilərdən təxminən iki dəfə çox olub.
Mən burada iki məsələyə – iqtisadiyyatın diversifikasiyası və investisiya layihələri məsələlərinə toxundum. Zənnimcə, hökumət hələ də iqtisadi diversifikasiya üçün gərəkli olan investisiya mühitinin yaradılması istiqamətində yetərli addımlar atmayıb, azad rəqabət üçün tələb olunan normativ bazanı yaratmayıb. Bu işdə Milli Məclisin də müəyyən “payı” var. İdxal-ixrac prosesində rəsmi və qeyri-rəsmi əngəllər aradan qaldırılmayıb. İnvestisiya layihələrinin icrası üzrə də kifayət qədər sərt nəzarət yoxdur. Hesab edirəm ki, bu məsələlər dövlətin və hökumətin nəzərində olmalı, bütün sahələrdə real islahatlar aparılmalıdır.
Cavanşir Feyziyev. Dövlət büdcəsinin icrası haqqında təqdim olunmuş qanun layihəsi əyani şəkildə göstərir ki, ötən il dünya iqtisadiyyatında mənfi meyillərin güclənməsinin davam etdiyi, bir sıra ölkələrdə iqtisadi böhranın daha da dərinləşdiyi bir şəraitdə Azərbaycanda dinamik inkişaf müşahidə olunmuş, makroiqtisadi sabitlik qorunub saxlanmış, əsas sosial-iqtisadi göstəricilər üzrə əhəmiyyətli artımlar və müsbət nəticələr əldə olunmuşdur. Real sektorun inkişafı, investisiya proqramları üzrə prioritetlərin müəyyənləşdirilməsi, sahibkarlara verilən güzəştli kreditlərin həcminin artırılması, əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin gücləndirilməsi, ərzaq təhlükəsizliyinin təmin olunması istiqamətində işlər daha geniş miqyasda davam etdirilmişdir. 2012-ci ildə qeyri-neft sektorunda sürətli artım baş vermiş, əhalinin gəlirləri artmışdır.
Proqnozlarla müqayisədə neft hasilatının aşağı düşməsi ümumi daxili məhsulun artım tempinə təsir etsə də, ötən il ÜDM-in həcmi 2,2 faiz artmış,  iqtisadiyyatın qeyri-neft sektorundakı artım isə 10 faizə yaxın olmuşdur. Nəticədə qeyri-neft sektorunun ümumi daxili məhsulda xüsusi çəkisi 2011-ci ildəki 48,3 faizdən 2012-ci ildə 52,7 faizə qalxmışdır. Vergilər Nazirliyi xətti ilə büdcəyə daxil olan 6 milyard manatdan artıq vəsaitin 54,6 faizi qeyri-neft sektorunun payına düşmüşdür. Ölkənin iqtisadi inkişafını xarakterizə edən digər göstəricilər də yaxşılaşmış, davamlı inkişafı təmin etmək üçün əlverişli iqtisadi mühit formalaşmışdır ki, bütün bunlar dövlət büdcəsinin gəlir və xərc parametrlərinin də əvvəlki illərlə müqayisədə daha artıq yerinə yetirilməsinə imkan yaratmışdır.
Ötən ilin büdcəsi 98,6 faiz icra olunmuşdur ki, bu da 2011-ci illə müqayisədə daha yüksək göstəricidir. Əvvəlki illərdə olduğu kimi, 2012-ci ildə də sosial sahələr üzrə dövlət proqramları və tədbirlər, sosial-iqtisadi baxımdan xüsusi əhəmiyyət kəsb edən layihələr həyata keçirilmiş və bu layihələrin həyata keçirilməsi üçün dövlət büdcəsindən vaxtında vəsait ayrılmışdır. Bununla yanaşı, 2012-ci il həm də əhalinin sovet dövründən qalma əmanətlərinin qaytarılmağa başlandığı il kimi əlamətdar olmuş və bu məqsədlə də büdcədən 555 milyon manatdan artıq vəsait ayrılmışdır. Buna baxmayaraq, ötən il inflyasiyanın cəmi 1,1 faiz təşkil etməsi göstərir ki, əmanətlərin qaytarılması ilə bağlı haqqında çox danışılan inflyasiya təhlükəsi heç də özünü doğrultmamışdır.
Büdcə vəsaitinin əhəmiyyətli hissəsinin konkret proqramların maliyyələşdirilməsi üçün yönəldilməsi, hökumətin öz sosial öhdəliklərini vaxtında yerinə yetirməsi, xaricdə təhsilə əlavə vəsaitin ayrılması və sair bu kimi məsələlər də 2012-ci il büdcəsinin müsbət məqamlarıdır.
Büdcədə 634 milyon manat kəsir nəzərdə tutulsa da, faktiki olaraq cəmi 135 milyon manat və ya ÜDM-in 0,3 faizi səviyyəsində kəsirin olması, qlobal böhranın dünyada hələ də fəsadlar yaratmaqda davam etdiyi bir vaxtda çox nümunəvi bir göstəricidir.
Müsbət məqamlardan biri də budur ki, Azərbaycanın istifadə etdiyi kreditlərə görə xarici dövlət borcu 5,7 milyard dollar təşkil edir ki, bu da ÜDM-in 8,3 faizi səviyyəsində olmaqla, iqtisadi təhlükə yarada biləcək həddən 5 dəfəyə qədər azdır. 2012-ci ildə bu borcların ödənilməsi üçün ayrılan vəsait 212 milyon manat təşkil etmişdir ki, bu da büdcə xərclərinin cəmi 1,2 faizinə bərabərdir və 2011-ci illə müqayisədə 38 faiz azdır.
Bununla belə, cari ildə və qarşıdakı illərdə büdcənin icrasında aşağıdakı məsələlərin həllinə diqqətin artırılmasını məqsədəuyğun hesab edirəm:
1. Mövcud iqtisadi mexanizmlər sistemində məqsədyönlü islahatlar vasitəsilə regionlarda iqtisadi fəallığın artırılması və onların bir hissəsinin dotasiyadan qurtulması üçün real şəraitin yaradılması.
2. Büdcə xərclərinin strukturunun daha da təkmilləşdirilməsi və insan kapitalına sərmayə qoyuluşunun payının artırılması.
3. Sosial proseslərin daha səmərəli şəkildə tənzimlənməsi məqsədi ilə büdcədən maliyyələşən təşkilatlarda çalışan insanların maaşlarının və eləcə də ipoteka kreditləri üçün ayrılan vəsaitlərin artırılması.
4. Büdcə vəsaitindən istifadənin iqtisadi və sosial səmərəsinin artırılması məqsədi ilə kəndlərdə qazlaşdırma, su təchizatı, kənd yollarının bərpası və sair problemlərin həllinin sürətləndirilməsi.
5. Sosial yardım vəsaitlərinin öz ünvanına çatdırılması sahəsində nəzarətin gücləndirilməsi.
2012-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikası qanununun layihəsini müsbət qiymətləndirir və deputat həmkarlarımı da bu layihənin qəbul olunmasına səs verməyə çağırıram.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi