2013-ci il 14 noyabr tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
X SESSİYASI İCLASININ

PROTOKOLU № 76

Milli Məclisin iclas salonu.
14 noyabr 2013-cü il.

İclasa  Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri  O.Əsədov  sədrlik  etmişdir.


İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 89
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin üzvləri

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.

* * *

Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.

* * *

Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini. 

* * *

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

Nazirlər Kabinetinin Aparatından
Şahin Sadıqov
, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

* * *

Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Etibar Mirzəyev, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini. 
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası energetika nazirinin müavini.
Tofiq Rəfiyev, Azərbaycan Respublikası müdafiə sənayesi nazirinin müavini.
Gündüz İsmayılov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Sabir Rüstəmxanlı, Fuad Muradov, Eldar Quliyev, Sədaqət Vəliyeva, Kamilə Əliyeva, Aydın Mirzəzadə, Muxtar Babayev, Sahib Alıyev, İlyas İsmayılov, Şəmsəddin Hacıyev, İsa Həbibbəyli, Sevinc Həsənova

2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli, Elman Mehdiyev

3. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyad Səmədzadə, Hadi Rəcəbli, Ziyafət Əsgərov

4. Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Hadi Rəcəbli, Ziyafət Əsgərov, Fazil Mustafa, Qənirə Paşayeva, Elmira Axundova, Qüdrət Həsənquliyev, Azay Quliyev, Ceyhun Osmanlı

5. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Firudin Hacıyev, Bahar Muradova, Elmira Axundova, Fazil Mustafa

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Adil Məhərrəmov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  noyabr  2013-cü  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Xahiş edirəm, hörmətli millət vəkilləri, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir  89
Yetərsay 83

Yetərsay var, amma deyəsən, hamı səs verməyib. Kim səs verməyib?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yetərsay olsa da, səsverməni bir də keçirək.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir  95
Yetərsay 83

Çox sağ olun. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bu iki gün ərzində 43 millət vəkili və 4 hökumət nümayəndəsi çıxış eləyib. Biz dünən danışdıq, razılaşdıq ki, bugünkü müzakirələrdə çıxışlarımız 5 dəqiqə olsun və günün birinci yarısında dövlət büdcəsinin müzakirəsini sona çatdıraq. Sizin çıxışlarınızın sonunda hörmətli maliyyə nazirinə, iqtisadiyyat və sənaye nazirinə söz verək ki, ondan sonra gündəliyin digər məsələlərinə keçək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siyahı ilə birinci Fəzail İbrahimli idi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz etiraz eləmişdiniz? Buyursun Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət üzvləri və mətbuat nümayəndələri! Bu, hökumətin yeni tərkibi ilə bizim ilk görüşümüzdür. Fürsətdən istifadə edib mən də yeni tərkibə seçilmiş bütün nazirlərimizi, komitə sədrlərimizi ürəkdən təbrik edir, millətimiz üçün xeyirli, uğurlu olsun deyirəm.
Oqtay müəllim, mənim bəlkə də taleyimdəndir, söhbət mənə çatanda çıxış üçün verilən vaxt qısalır. Xahiş edirəm, imkan daxilində mənə 1–2 dəqiqə əlavə vaxt verib sözümü yekunlaşdırmağıma şərait yaradasınız.
Mən, ümumiyyətlə, büdcənin yüksək peşəkarlıqla hazırlanmasından və təqdimatından çox razıyam. Hesab edirəm ki, yeni tərkibdə bizim maliyyə naziri, doğrudan da, öz yerində olan adamlardan biridir.
Mən bu Məclisdə 300 milyon dollarlıq büdcənin müzakirəsində də iştirak eləmişəm, indi təxminən 70 dəfə artmış bir büdcənin müzakirəsindəyəm. Bundan qürurlanmamaq, buna sevinməmək mümkün deyil. Bu, müstəqilliyin Azərbaycana gətirdiyi ən böyük uğurlardan biridir.
İndi neçə gündür, mən çıxışları dinləyirəm, görürəm ki, hamımız Azərbaycanda neft gəlirlərindən asılılığın aradan qaldırılmasını arzulayırıq. Bunun da bir sıra alternativ yolları göstərilib. Bunlardan biri kənd təsərrüfatının inkişafıdır. Doğrudan da, kənd, Azərbaycanın kənd təsərrüfatı bizim millətin əbədi və tükənməz bir qaynağı, gəlir mənbəyidir və buna diqqət artırılmalıdır. Əlbəttə, bu sahədə işlər görülür. Amma hesab edirəm ki, yetərli deyil. Çünki kənd təsərrüfatında bir sıra ənənələr var ki, ən azı o ənənələr hökmən bərpa olunmalıdır.
Büdcənin gəlirini artıran başqa yollar, başqa mənbələr də ola bilər. Mən hesab edirəm ki, o yollardan biri bizim iqtisadiyyatda ədalətin bərpasıdır. Şübhəsiz, Azərbaycan iqtisadiyyatı inkişaf edir və bunu görməmək, ümumiyyətlə, mümkün deyil. Həm Bakıda, həm də regionlarda az qala 10–20 il bundan əvvəl fantastika kimi görünə bilən elə işlər görülür ki, bunu danmaq, buna göz yummaq mümkün deyil. Bəziləri, mən hesab edirəm ki, birbaşa Azərbaycan Prezidentinin şəxsi yorulmaz fəaliyyətinin nəticəsidir. Hərçənd ki, onun komandasında onunla bu sahədə ayaqlaşmayan, əksinə, mane olan insanlar da yox deyil və bunu da biz burada deməliyik.
Ümumi daxili məhsulun artırılmasının real yollarından biri vergi ödəyicilərinin sayının artırılmasıdır. Azərbaycanda, təəssüf ki, bu sahədə çox ciddi qüsurlar var. Bizdə orta sahibkarlığın artmasına, demək olar ki, şərait yoxdur, minimum səviyyədədir, çünki bizdə sahibkarlıq əvəzinə sahiblənmə var. Kimlər hansı sahəyə sahibləniblərsə, ora daha başqalarının yol tapmasına imkan vermirlər. İqtisadiyyatın inkişafının əsas şərti rəqabətdir. Rəqib olmayan yerdə rəqabət ola bilməz. Bizdə rəqiblərin yolu bazara gəlməzdən öncə bağlanır. Bizdə bazar iqtisadiyyatı əvəzinə bazarkomların iqtisadiyyatı var. O bazarkomlar hərəsi bir sahəyə əl qoyublar. Ora girmək mümkün deyil. Ona görə də Azərbaycanda siyasi dözümsüzlük yox, iqtisadi dözümsüzlük var.
Azərbaycandan baş alıb gedənlərin çoxu dolanışıq yeri tapa bilmədiyindən, bacardığı işləri görə bilmədiyindən çıxıb gedir. Gedəndən sonra da bəziləri bunu belə izah eləyirlər ki, Azərbaycanda siyasi şəraitə görə özümüzə bir yer tapa bilmədik, ona görə gəldik. Halbuki elə deyil, səbəb başqadır. Burada dolanışıq yeri tapa bilmədiklərindən, onlara bacardıqları işləri görməyə imkan verilmədiyindən xaricə üz tutublar. Çünki burada ən böyük texnologiyalardan ən xırda ticarət məhsullarına qədər hər şey inhisardadır, hər sahənin öz ağası var və ora girmək mümkün deyil. Ona görə də birinci bu inhisarçılığın qarşısı alınmalıdır. İqtisadiyyat bir dəfə əkilib yığılan bitki deyil ki, deyəsən, yazda pambıq əkmişdim, payızda yığdım. İqtisadiyyat meyvə ağacıdır.
Sədrlik edən. Sabir müəllim, yekunlaşdırın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma çıxışınızda bir az uyğunsuzluq var. Çıxışınızın əvvəlində büdcənin dəfələrlə artmasına görə fəxr elədiyinizi deyirsiniz, sonra başlayırsınız başqa cür danışmağa. Səbəbini də bilirəm. Sizə 1 dəqiqə əlavə vaxt verirəm. Xahiş edirəm, yekunlaşdırın.
S.Rüstəmxanlı. Çox gözəl bilirsiniz, mən nədən danışıram. Ona görə də mən izahat vermək istəmirəm. Konkret olaraq bir neçə təklifim var. Biri odur ki, qeydiyyat sahəsində maneələr aradan götürülməlidir. “ASAN xidmət” qurumu var. Çox gözəl işlər görür, hamı da razıdır. Amma eyni zamanda, hər hansı adam bir dənə kiçik müəssisə tiksin, bu müəssisəni qeydiyyata aldırmaq üçün o müəssisənin özü boyda kağıza ehtiyacı var. Bunlar aradan götürülməlidir. Yoxsa təsəvvür edin ki, ortada vergidən kənarda, qeydiyyatdan kənarda onlarca yox, bəlkə də yüzlərcə müəssisə var. Nə iş görə bilirlər, nə də normal fəaliyyət göstərə bilirlər. Ona görə bu sahədə, şübhəsiz, normal bir şərait yaradılmalıdır.
Mənim təkliflərimdən biri odur ki, dağ rayonlarında... Mənim də seçildiyim dağ rayonlarında bu il xeyli iş görülüb. Prezident gedəndən sonra...
Sədrlik edən. Sabir müəllim, 1 dəqiqə vaxt vermişdim, bitdi. Qayda var. Yazılı şəkildə verin, xahiş edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyur.
S.Rüstəmxanlı. Xaricdə yaşayan azərbaycanlıların ana yurdla əlaqələrini gücləndirmək, Azərbaycana münasibətini dəyişmək üçün, xaricdəki azərbaycanlı gənclərin burada oxuması üçün Azərbaycanda hökmən bir fond yaradılmalıdır. Bircə nəfər azərbaycanlını Güney Azərbaycandan və ya Avropadan gətirib Azərbaycanda oxuda bilmirik. Cəmi bir milyon fond pulu lazımdır ki, hər il təxminən 500 uşaq Azərbaycanda oxusun. O bizim strategiyamızın əsas xətlərindən biridir. Ona görə də xahiş edirəm, bunun üçün Maliyyə Nazirliyi imkan daxilində şərait yaratsın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fuad Muradov buyursun.
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, hökumət üzvləri! Bu gün bizə təqdim olunan büdcə layihəsi çox səliqəli hazırlanıb. Burada mənim həmkarlarım da bunu vurğuladılar.
Mən əminəm ki, büdcənin həyata keçirilməsində daha böyük uğurlar olacaq. Bu uğurlar birbaşa Prezident İlham Əliyev və onun komandası ilə bağlıdır. Yəni bu gün Azərbaycanda həyata keçirilən siyasət çox böyük dövlətlər üçün bir örnək olub və dünyada hökm sürən indiki iqtisadi böhran, maliyyə böhranı zamanında Azərbaycanda həyata keçirilən bu islahatlar ancaq alqışlanır.
Düşünürəm ki, Azərbaycan büdcəsində bu gün gördüyümüz müsbət cəhətlərdən biri odur ki, Dövlət Neft Fondundan transferlər 17,7 faiz azalıb və bu da, əslində, Azərbaycan büdcəsinə digər neft gəlirlərinin daxil olması üçün böyük imkanlar açır.
Beynəlxalq valyuta və beynəlxalq maliyyə təşkilatları ilə iş uğurla davam etdirilir. İstər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu ilə müxtəlif layihələr, tədbirlər həyata keçirilir. Bu da, təbii ki, Azərbaycanın dünya siyasətinə inteqrasiyasına daha da köməklik edir. Düşünürəm ki, il ərzində həyata keçirilən bu maliyyə siyasəti, eyni zamanda, müxtəlif sahələr üçün də yaxşı bir fürsət olacaq.
İcazənizlə, bir neçə məsələ barədə fikrimi bildirmək istəyirəm. Düzdür, burada təkrarçılıq ola bilər. Amma bəzi məsələlər var ki, onları xüsusi vurğulamaq lazımdır.
İlk öncə təhsillə bağlı həyata keçirilən islahatlar barədə. Təbii ki, biz bu islahatları dəstəkləyirik və bu istiqamətdə öz töhfəmizi verməliyik. Söhbət təkcə orta məktəblərdən və məktəbəqədər müəssisələrdən yox, eyni zamanda, ali məktəblərdən gedir. Düşünürəm ki, bu istiqamətdə islahatlar vacibdir. Əgər universitetlər daha çox müstəqillik istəyirsə, onlar müstəqil maliyyə siyasəti həyata keçirməlidirlər. Bununla da bağlı, təbii ki, dövlət öz addımlarını ata bilər. Eyni zamanda, tələbə yataqxanaları ilə bağlı məsələ çox ciddidir. Mən xahiş edirəm ki, buna xüsusi diqqət ayrılsın. Hətta regionlarımızda olan ali məktəblərin yataqxanaları olmadığına görə bir çox gənclər çalışırlar ki, bu imkanı Bakıda əldə etsinlər. Amma Bakıya gəlib burada da həmin problemlə üzləşirlər. Ona görə mən xahiş edərdim ki, bu məsələyə diqqət yetirilsin.
Kənd təsərrüfatı ilə bağlı hər zaman üzləşdiyimiz problemlər var. Bu gün də bu mövcuddur. İnsanlar öz məhsullarını bazara çıxarıb sata bilmirlər. Bəzi hallarda saxlama yerlərinin olmaması da bu problemi yaradır. Ona görə düşünürəm ki, bu istiqamətdə də iş gücləndirilməlidir.
2015-ci ildə dünya erməniləri qondarma soyqırımının yubileyini keçirəcəklər. Ona görə mən istərdim, müvafiq dövlət qurumlarına xüsusi maliyyə ayrılsın ki, onlar bu təbliğatın qarşısını ala bilsinlər. Ermənilər çox ciddi hazırlaşır, çox böyük tədbirlər həyata keçirmək istəyirlər. Düşünürəm ki, Azərbaycanın kifayət qədər imkanı var ki, erməniləri ifşa eləyən əks-təbliğat tədbirlərini həyata keçirsin.
Xocalıdan olan hər iki valideynini itirmiş uşaqlarımız var. Onlar 25 nəfərdir. Keçən il biz müraciət eləmişdik ki, onların məsələsinə baxılsın. Düşünürəm ki, bu məsələyə bir də qayıtmaq olar. Bu çox böyük maliyyə tələb edən məsələ deyil. Qaçqın və məcburi köçkünlər üçün Azərbaycan dövləti tərəfindən çox böyük işlər görülür. Cənab Prezidentin sərəncamları, fərmanları ilə qaçqın və məcburi köçkünlər üçün yeni binalar, evlər tikilir. Bu uşaqlara xüsusi yanaşma olsa, bu iş bir az da fərqli çalarlarla zənginləşmiş olar.
Burada ipoteka ilə bağlı müxtəlif fikirlər oldu, sosial ipoteka, yəni güzəştli ipotekadan söhbət getdi. Düşünürəm ki, indiki mərhələdə biz ipotekanın azalmasına yol verə bilmərik. Mən çox xahiş edirəm, hökumət bu məsələyə baxsın. Bu gün gənclərin mənzil problemləri bir nömrəli məsələdir. Azərbaycan xalqının mentalitetində də evə, ailəyə bağlılıq məsələsi olduğuna görə ev məsələsi ən prioritet məsələlərdən biridir. Ona görə ev, mənzil məsələsi aktual məsələlərdən biri kimi nəzərdən keçirilməlidir.
Mən bu büdcəni dəstəkləyir və hökumətə onun həyata keçirilməsində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ ol, Fuad müəllim. Buyursun Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2014-cü il dövlət büdcəsinin gəlir və xərclərinin təhlili göstərir ki, Azərbaycan Respublikası öz dinamik və sabit inkişafını gələn il də davam etdirəcək. Bu büdcə Azərbaycan xalqının rifahının yaxşılaşdırılmasına, ölkəmizin qüdrətinin daha da artmasına xidmət edəcəkdir.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, ölkəmizdə davamlı olaraq aparılan iqtisadi islahatlar, qeyri-neft sektoruna investisiya həcminin artırılması, vergi potensialının genişləndirilməsi, sahibkarlığın inkişafı üçün əlverişli şəraitin yaradılması, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlaması, dövlət vəsaitlərindən istifadəyə nəzarətin daha da gücləndirilməsi, işsizliyin azaldılması, əmək haqlarının müntəzəm olaraq artımı və digər zəruri tədbirlərin həyata keçirilməsi artıq öz bəhrəsini verməyə başlamışdır. Belə ki, qeyri-neft sektorundan büdcə gəlirlərinin xüsusi çəkisi ilbəil artır və bu da dövlət büdcəsinə Dövlət Neft Fondundan edilən transferin azaldılmasına imkan verir. Bunun nəticəsidir ki, Dövlət Neft Fondundan edilən transfer nəzərə alınmadan digər mənbələrdən gəlirlərin hesabına büdcənin gəlirlərinin 2013-cü ilə nisbətən 15,9 faiz və ya 1 milyard 238 milyon manat artımı proqnozlaşdırılır.
Bununla yanaşı, bəzi məsələlərə diqqətinizi yönəltmək istərdim. Hazırda dünyada narahatlıq doğuran problemlərdən biri də əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlıdır. Fərəhlə deyə bilərik ki, Azərbaycanda belə bir problem yoxdur. Hörmətli Prezidentimiz cənab İlham Əliyev bu günlərdə keçirilən andiçmə mərasimində onu da qeyd etmişdir ki, biz özümüzü ərzaq məhsulları ilə tam təmin etməli və idxaldan ixraca keçməliyik. Prezidentin bu tapşırığını yerinə yetirmək üçün ölkəmizdə geniş imkanlar vardır.
Bir məsələni vurğulamaq istərdim ki, ölkəmizin aqrar bölməsində mövcud olan böyük potensiallardan daha səmərəli istifadə etmək üçün yerli kənd təsərrüfatı müəssisələrinə tədarük üzrə dövlət sifarişlərinin verilməsi vaxtı gəlib çatmışdır. Belə olan halda məhsul itkisinin qarşısı alınar, fermerlər məhsul satışında çətinlik çəkməz və istehsalı artırmaqda maraqlı olarlar.
Mən deputat olduğum seçki dairəsini əhatə edən Maştağa, Nardaran, Bilgəh, Zabrat qəsəbələrində son illər böyük sosial obyektlərin tikilməsi, təmir işlərinin aparılması, asfalt yolların çəkilməsi, abadlıq işlərinin görülməsi üçün göstərilmiş və bundan sonra göstəriləcək köməyə görə Maliyyə, Nəqliyyat, Səhiyyə, Təhsil, Mədəniyyət və Turizm nazirliklərinin rəhbərliyinə və kollektivlərinə öz seçicilərim adından dərin minnətdarlığımı bildirirəm.
Bu qəsəbələrdə turizmin inkişafı üçün əsas şərtlərdən olan çoxsaylı tarixi və mədəniyyət abidələri mövcuddur. Lakin bu tarixi abidələrdə uzun müddət təmir və bərpa işləri aparılmadığından onların yaxın vaxtlarda məhv olub yaddaşlardan silinmək təhlükəsi vardır.
Qəsəbələrdə mədəniyyət evləri bərbad vəziyyətdə olduğu üçün uzun müddətdir bağlıdır. Düzdür, bu obyektlərdən bəzilərinin təmiri üçün maliyyə vəsaitləri ayrılmış, amma çox təəssüflər olsun ki, onlarda bu günə qədər də təmir işləri başlanmamışdır. Buna görə də seçicilərimin mənə verdiyi tapşırığa əsasən mədəniyyət və turizm naziri hörmətli Əbülfəs müəllimdən xahiş edərdim ki, gələn ildən başlayaraq mədəniyyət evlərinin təmiri məsələsini gündəliyə salsın.
Dünən hörmətli səhiyyə nazirimiz Oqtay müəllimlə söhbət zamanı seçki dairəsini əhatə edən 140 min əhaliyə xidmət edən 7 nömrəli xəstəxananın təmirinin başlanması xəbərini aldım və bu məni çox sevindirdi. Mən öz seçicilərim adından Oqtay müəllimə minnətdarlığımı bildirirəm.
Bir məsələni də hökumətin diqqətinə çatdırmaq istəyirəm ki, soyuqların düşməsi ilə əlaqədar qəsəbələrə verilən təbii qazın təzyiqi aşağı düşmüş və bu, əhalinin haqlı narazılığına səbəb olmuşdur. Xahiş edirəm ki, hökumət nümayəndələri müvafiq qurumlara qazın təzyiqinin artırılması ilə əlaqədar göstərişlər versinlər.
Ümumiyyətlə, 2014-cü il dövlət büdcəsinin dövlətimizin qüdrətinin artmasına və xalqımızın maddi rifahının yaxşılaşmasına xidmət etdiyini, “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun tərtib edildiyini nəzərə alaraq bu layihəni dəstəkləyir və deputat həmkarlarımdan da bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Oqtay müəllim. Bu gün biz 2014-cü il dövlət büdcəsinin layihəsini müzakirə edərkən görürük ki, bu layihə ümumən investisiya tutumludur, sosial yönümlüdür və davamlı sosial inkişafa zəmin yaradır. Səlim müəllimin sözü olmasın, həqiqətən, bu büdcəmizlə fəxr edə bilərik.
Mən 1995-ci ilin büdcəsinə baxanda bugünkü büdcənin, həqiqətən də, çox sevindirici olduğunu görürəm. 1995-ci ildə rayon səhiyyə şöbəsində işləyirdim. Rayon səhiyyə şöbəsinə 1 aya 150 min manat vəsait ayrılırdı. Bilmirdik, dərman alaq, yoxsa ərzağa və digər işlərə sərf edək. Hər halda keçmişə nəzər salmaq faydalıdır.
Mən dünən səhiyyə haqqında deyilən tənqidlərə çox qısaca cavab vermək istəyirəm. Çox sağ olun, Oqtay müəllim, Siz də dözə bilmədiniz, cavab verdiniz. Ona görə Sizə minnətdaram. Bu gün səhiyyəmiz, təhsilimiz çox gözəl inkişaf edir. İş olan yerdə nöqsanlar da olur. Onu hamının ayağına yazmaq düzgün deyil. Əlbəttə, bizə ən müasir xəstəxana və aparatura da, yüksək ixtisaslı kadrlar da lazımdır. Bu gün ölkəmizdə müasir xəstəxanalar, diaqnostika mərkəzləri, poliklinikalar tikilir, köhnələri təmir olunur, modernləşdirilir. Tibb müəssisələri ən yüksək səviyyəli aparatura ilə təchiz edilir. Bir qalır kadr hazırlığı məsələsi. Yüksək ixtisaslı kadrların hazırlanması alma-armud yetişdirmək deyil ki, 5 ilin içində mümkün olsun. Belə kadrların hazırlanması üçün zaman lazımdır. Çox xahiş edərdim ki, yoldaşlar bunu nəzərə alsınlar. Yüksək ixtisaslı bir kadrın hazırlanması üçün uzun illər tələb olunur. İnanıram, gələcək onillikdə bizim səhiyyə sistemimizdə çox güclü kadrlar işləyəcək.
Cəmi 20 yaşı olan Azərbaycan Respublikasının səhiyyəsini yüz illərlə yaşı olan Almaniya, Fransa, Amerika kimi dövlətlərin səhiyyəsi ilə müqayisə etmək doğru deyil. Xaricə gedən xəstələr dedikdə bilmək lazımdır ki, onlar niyə ora gedirlər. Biz süni mayalandırma ilə əlaqədar qanun qəbul etmək istədik. Özümüz bu qanunun keçməsinə imkan vermədik. Bu gün insanların əksəriyyəti xaricə o məsələlərlə əlaqədar gedir. Xaricdə də səhvlər var, gedən xəstələr arasında fəsadlarla geri qayıdanlar da var. Bunu görmək lazımdır. Xahiş edirəm, bunu aidiyyəti qurumlar nəzərə alıb araşdırsınlar.
Mənim üç təklifim var. Birinci təklifim təhsil sisteminə aiddir. Bizim texniki peşə təhsilinin səviyyəsi Avropa standartlarına uyğunlaşdırılmalıdır. Bu gün bizə çoxlu mütəxəssislər lazımdır. Hamı diplomlu mütəxəssis ola bilməz. İndi orta məktəblərdə 11 il vaxtını sərf edən məzunların 40 faizə qədərini hərbi xidmətə gedib qayıdandan sonra heç bir əməyə cəlb etmək mümkün olmur. Bu insan gedib fəhlə də işləmək istəmir. İşlə təmin olunma məsələsində çox böyük çətinliklər yaranır. Mən təhsil naziri hörmətli Mikayıl müəllimə də bu məsələni dedim. O dedi, təhsil sistemimizdə islahatlar aparılacaq və gələcəkdə bu iş daha yaxşı təşkil olunacaq.
İkinci məsələ uşaqlarımızın asudə vaxtının təşkili ilə bağlıdır. Onların pis yollara düşməməsi, narkomanlara qoşulmaması üçün bu vaxt mütləq faydalı işlərə sərf olunmalıdır.
Üçüncü təklifim xəstəxanalarda xəstələrin qida rasionu barədədir. Hökumət üzvlərinin burada olmasından istifadə edib deyirəm ki, 1994-cü ildə Nazirlər Kabinetinin 103 saylı qərarı ilə xəstələrin qıda rasionları hazırlanmışdı. Artıq bu gün yüksək iqtisadi inkişaf səviyyəsinə qalxmış bir ölkədə vərəmli xəstə 130 qram ətlə müalicə oluna bilməz. Onların müalicəsi üçün mütləq yüksək kalorili qidalar, vitaminli məhsullar lazımdır. Mən çox xahiş edirəm, 1994-cü ildə verilən 103 saylı qərar dəyişilsin və xəstələrin qida rasionu artırılsın. Əsas da çox təhlükəli vərəmli xəstələrin qidalanmasına xüsusi fikir verilsin.
Dünən hörmətli həmkarlarım hepatit xəstəliyindən, digər xəstəliklərdən danışdılar. Bu gün qapalı müəssisələrdə, cəzaçəkmə müəssisələrində olan insanların arasında istər vərəm, istər hepatit C, istərsə də QİÇS xəstəliyi olan çoxlu insanlar var. Bu gün MDB ölkələrinin təcrübəsi də var. Mümkündürsə, gələcəkdə elə bir cəzaçəkmə müəssisəsi tikilsin ki, onun daxilində öz xəstəxanası olsun. Orada xəstə insanlar təcrid edilib həm müalicə olunsun, həm də cəzalarını axıra qədər çəkə bilsinlər. Daha onlar sağlam insanlarla birlikdə cəza çəkməsinlər. Çünki hər bir sağlam insanın sağlam şəraitdə cəza çəkmək haqqı var. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Buyursun Kamilə Əliyeva.
K.Əliyeva. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri! 2014-cü il dövlət büdcəsi zərfinin müzakirəsi cəmiyyətdə ölkənin sosial-iqtisadi həyatında mühüm hadisə kimi qiymətləndirilir. Ölkənin ali maliyyə sənədinin qəbulu respublikada müsbət istiqamətdə yeni kəmiyyət və keyfiyyət dəyişiklikləri ilə müşahidə olunacaq.
Artıq bir neçə gündür ki, biz hökumət və digər dövlət qurumlarının əməkdaşları ilə büdcə, iqtisadi inkişaf, onun ayrı-ayrı istiqamətlərinə dair müzakirələr aparırıq. Ölkəmizdə 2013-cü ildə iqtisadi dinamik inkişaf davam etmiş, davamlı iqtisadi siyasət nəticəsində dövlətin sosial-iqtisadi siyasətində uğurlu addımlar atılmışdır.
2014-cü ilin dövlət büdcəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə son 10 ildən bəri aparılan uğurlu islahatların qanunauyğun məntiqi nəticəsidir. Bir sıra inkişaf etmiş Avropa ölkələri iqtisadi böhrandan əziyyət çəkdiyi bir vaxtda Azərbaycan Respublikasında davamlı inkişaf davam edir. Bu gün regionun iqtisadi potensialının 80 faizi Azərbaycan Respublikasındadır. Möhtərəm Prezident cənab İlham Əliyevin apardığı uğurlu iqtisadi islahatlar nəticəsində Azərbaycanın iştirakı olmadan regionda heç bir layihə həyata keçirilə bilməz. Azərbaycan Avropanın enerji təchizatında mühüm bir ölkəyə çevrilməkdədir.
Bu cür yüksək iqtisadi inkişafın nəticəsində əksər Avropa ölkələri 2015-ci ildə ilk Avropa Olimpiya Oyunlarının Azərbaycanda keçirilməsinə səs verdilər. Mən tam əminəm ki, bu mötəbər tədbir də çox yüksək səviyyədə keçiriləcək. Bu işdə Olimpiya Təşkilat Komitəsinin sədri, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevaya uğurlar diləyirəm. Olimpiya oyunlarında iştirak edən avropalılar Azərbaycanda gedən böyük iqtisadi və sosial inkişafı öz gözləri ilə görəcəklər.
Büdcə ilə bağlı mən də öz təklifimi vermək istərdim. Dünən həmkarım Azay Quliyev mənzil istismar sahələri ilə bağlı fikrini bildirdi. Onun çıxışının davamı olaraq bildirmək istəyirəm ki, bu gün mənzil istismar sahələrinin fəaliyyəti, demək olar ki, yox dərəcəsindədir. Bu qurumun sakinlərə yaşayış yerindən arayış verməkdən başqa bir işi yoxdur. Halbuki büdcədən mənzil və kommunal təsərrüfatı ilə bağlı digər xidmətlərə görə 28 milyon 216 min 238 manat pul ayrılıb. Bakı şəhərində binaların təmirini və yenidən qurulmasını Bakı Şəhər İcra Hakimiyyətinin sifarişi ilə özəl qurumlar həyata keçirir. Mənə elə gəlir ki, mənzil istismar sahələrinin işini yerli bələdiyyələrə vermək və büdcədən ayrılan həmin pulu bələdiyyələrin hesabına köçürmək məqsədəuyğun olardı.
Bir təklifimi də səsləndirmək istərdim. Seçildiyim Zaqatala rayonu Azərbaycanın çox səfalı, gözəl rayonlarından biridir. Oranın təmiz havası, əsrarəngiz təbiəti var. Turizm potensialının inkişaf etdirilməsi üçün çox əlverişli bir regiondur. Təəssüflər olsun ki, Zaqatalada bu istiqamətdə işlər aparılmamışdır. Rayonda turizm obyektləri inşa edilərsə, nəinki ölkəmizdən, eləcə də xarici dövlətlərdən buraya çoxlu sayda turist cəlb etmək olar. Bununla da turizmdən dövlət büdcəsinə əlavə vəsait daxil olar, həm də rayonda əlavə iş yerləri açılar. Mən hörmətli mədəniyyət və turizm naziri Əbülfəs Qarayevdən xahiş edərdim ki, bu məsələ ilə əlaqədar layihə hazırlayıb Nazirlər Kabinetinə təqdim etsin.
Sonda mən də büdcəyə öz müsbət münasibətimi bildirir və həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə buyursun.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Ümumən, 2014-cü il üçün hazırlanmış büdcə layihəsinin çox mükəmməl və Azərbaycanın bugünkü problemlərinin həllinə yönələn bir layihə olduğunu xüsusi vurğulamaq istəyirəm. Büdcənin əsas məziyyətləri ondan ibarətdir ki, ilk dəfə olaraq büdcəmizə Dövlət Neft Fondundan transferin həcmi kifayət qədər azaldılmışdır. Buna baxmayaraq, 2014-cü ilin büdcəsi builki büdcəyə nisbətən 300 milyon manata qədər artmışdır. Bunun özü göstərir ki, Azərbaycanda regionların sosial-iqtisadi inkişafına dair hörmətli Prezidentimizin irəli sürdüyü proqram uğurla həyata keçirilir və bu proqram öz müsbət nəticələrini verməkdədir.
Heç də təsadüfi deyil ki, Azərbaycanın beş bölgəsi gələn il büdcədən ayrılan dotasiyadan imtina etmişdir. Mənim üçün sevindiricidir ki, o beş bölgədən biri də Mingəçevir şəhəridir. Mingəçevirdə açılan yeni müəssisələr, aparılan işlər, sahibkarlığın inkişafı üçün atılan addımlar şəhərin dotasiyadan imtina etməsinə imkan vermişdir. Heç bir şübhəm yoxdur ki, ildən-ilə biz dotasiyadan imtina edən şəhər və rayonların sayının artdığını görəcəyik.
Ümumən götürdükdə mənim səsləndirəcəyim fikirlərin və təkliflərin bir çoxunu deputat həmkarlarım artıq səsləndiriblər. Mən deputat həmkarım Abel Məhərrəmovun xaricə göndərilən tələbələrin sonradan potensialından istifadə edilməməsi ilə bağlı narahatçılığını bölüşürəm. Əlbəttə, bu kadrlar Azərbaycan iqtisadiyyatının inkişafında, dövlət idarəçiliyində bizə kifayət qədər lazımdırlar. Amma nəzərdən qaçırmaq olmaz ki, onlar xaricə Azərbaycanda ali təhsil müəssisələrində təhsilin keyfiyyətinin artırılması üçün də göndərilirlər. Mən təklif edərdim ki, Təhsil Nazirliyi xaricə göndərilən belə tələbələrin bir qrupu ilə əvvəldən xarici təhsil müəssisələrini bitirdikdən sonra məcburi qaydada Azərbaycan ali məktəblərində 5 il işləməsi barəsində müqavilə bağlasın. Bu, artıq öz həyatını quran gənclərin perspektivini müəyyənləşdirməsinə böyük kömək olardı.
Mən büdcədə müdafiəyə ayrılan vəsaitin həcminin artırılmasını çox düzgün hesab edirəm. Azərbaycan müharibə vəziyyətindədir. Ermənistan öz qoşunlarını hələ də işğal etdiyi Azərbaycan torpaqlarında saxlayır və silahlı qüvvələr problemin həll edilməsində həlledici rol oynayırlar. Bu yaxınlarda Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişilməsi, cəbhə xəttində mövqelərimizin möhkəmləndirilməsi ilə bağlı müdafiə nazirinin inspeksiyası – bütün bunlar onu göstərir ki, Azərbaycan güclü orduya, ən yeni silahlara malik olmalı və Ermənistan hər bir an ordumuzun Azərbaycan torpaqlarını işğaldan azad etmək üçün hərbi əməliyyatlara başlayacağını gözləməlidir.
Edəcəyim təkliflər, ümumiyyətlə, deputat həmkarlarımın qaldırdığı məsələlərlə bağlıdır. Mən bu gün həm bölgələrdə, həm də paytaxtda uşaq bağçalarının kəskin surətdə çatışmaması barədə deyilənlərlə tamamilə razıyam. Valideynlər, seçicilər vaxtaşırı bizdən uşaqlarının uşaq bağçalarında yerləşdirilməsini xahiş edirlər. Mən Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı bir dövlət proqramının işlənməsi təklifini irəli sürürəm.
Mən o fikirlə də tamamilə razıyam ki, bu gün sahibkarlığın inkişafı ilə bağlı atılan addımları bir qədər də gücləndirmək lazımdır. Milli Sahibkarlıq Fonduna ayrılan vəsaitin mən bir neçə dəfə artırılmasını təklif edirəm. Burada bir problem də yaranır. Doğrudur, sahibkarlara vəsait ayrılır, ancaq sahibkarlar müvəkkil bankları özləri tapmalıdırlar. Bir sıra hallarda onlar müvəkkil bankın tapılmasında çətinlik çəkirlər. Hesab edirəm, bu funksiyanı Milli Sahibkarlıq Fondu öz üzərinə götürməlidir ki, sahibkarlar, xüsusilə də kiçik sahibkarlar 10, 20, 50 min manat vəsait üçün belə bir texniki problemlə üzləşməsinlər.
Qaldıracağım sonuncu məsələ də artıq burada səslənib. Amma mən onu yenə də səsləndirmək istəyirəm. Bu, vətəndaşların mənzillə təminatı problemidir. Bu böyük bir problemdir. Bu problemin nə cür həll ediləcəyi vətəndaş üçün maraqlı deyil. Onun üçün maraqlı deyil ki, bu, ipoteka xətti ilə olacaq, yoxsa deputat həmkarım Əli Məsimlinin dediyi kimi, xalq evləri kimi olacaq, dövlət tərəfindən tikilən olacaq. Onu maraqlandıran yeganə şey problemin həll edilməsidir. Azərbaycanın bu gün maddi vəsaiti kifayət qədər böyükdür. Azərbaycanda çox güclü tikinti sektoru formalaşıbdır. Bu baxımdan hesab edirəm ki, hökumət vətəndaşların, xüsusilə də gənc ailələrin mənzillə təminatı barəsində dövlət proqramı hazırlayıb ortaya qoymalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Muxtar Babayev buyursun.
M.Babayev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Bir neçə məsələ ilə bağlı istəyirəm fikrimi bildirim. Birincisi, təqdim olunmuş layihə, əlbəttə ki, mən tərəfdən dəstəklənəcəkdir.
Bir neçə məsələyə istərdim diqqətinizi cəlb edim. Sənayeləşdirmə proqramları və Sumqayıt, Mingəçevir, Gəncə, Qaradağ sənaye parklarının yaradılması məsələlərinə artıq bir neçə çıxışda toxunulmuşdur. Sənaye və iqtisadiyyat nazirinin müavini Sevinc xanım da bu barədə ətraflı danışdı.
Burada qeyd etmək lazımdır ki, müəssisələrin yaradılması ilə yanaşı, sosial infrastruktur da yaradılmalıdır. Bu gün bu proqramlar hamısı, təəssüflər olsun ki, gündəmdə deyil. Hazırda o şəhərlərin, məsələn, Sumqayıtın sosial infrastrukturu çox zəifdir, keçmiş Sovet İttifaqı vaxtı tikilibdir və bu günün tələblərinə cavab vermir. Bu gün Sumqayıtda qida sənayesi, yüngül sənaye, alternativ enerji, energetika, kimya və sair sahələr inkişaf etdirilir. Amma sosial infrastrukturun yaradılması mütləq dövlət proqramlarında əks olunmalı və ona maliyyə ayrılmalıdır.
İkinci məsələ Sumqayıtın yataqxana problemidir. Keçmiş Sovet İttifaqı dövründə, 1960–1970-ci illərdə müvəqqəti yaşamaq üçün tikilmiş bu yataqxanalar, təəssüf ki, bu gün də istismar olunur və orada indi təqribən 25–30 min nəfər yaşayır. Bu, demək olar ki, Sumqayıtın ümumi əhalisinin 8–10 faizidir. O yataqxanalarda hökmən əsaslı təmir işləri aparılmalıdır. Özünümaliyyələşdirmə prinsipinə keçmiş Sumqayıt şəhəri bu gün bu işi öz üzərinə götürə bilməyəcəkdir. Bu gün nə özəl biznesin, nə də Sumqayıt şəhərinin bu sahəyə maliyyə ayırması mümkündür. Xahiş edirəm, buna da diqqət yetirin.
Sonuncu məsələ. Sumqayıt artıq böyük bir şəhərdir. Miqrasiya artır və qeyri-rəsmi rəqəmlərə görə bu gün onun 400 mindən artıq əhalisi var. Bu şəhərdə qocalar evinin olmaması böyük sosial problemdir. Orada bu məsələ gündəmdədir. Sumqayıtın əsasını qoyan, onun yaradıcıları olan insanların bu gün, təəssüflər olsun ki, mənzil və yataqxana problemləri ilə əlaqədar qocalar evinə çox böyük ehtiyacı var. Xahiş edirəm, müvafiq qurumlar bu məsələyə baxsınlar və bunu gələn ilin büdcəsində olmasa da, növbəti illərin büdcəsində nəzərə alsınlar.
Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev buyursun.
S.Alıyev. Hörmətli cənab Sədr, xanımlar və cənablar! Artıq neçə gündür ki, parlamentdə büdcə müzakirələri gedir. Həm komitələrdəki müzakirələrdə, həm də son 3 gündə deputatlar bir sıra təkliflər irəli sürüblər ki, onların yerinə yetirilməsi üçün ideal büdcə lazımdır. İdeal büdcə, yəni bütün təbəqələrin gözləntilərini tam doğruldacaq bir büdcə isə heç vaxt heç bir yerdə olmayıb, olmayacaq da. Ancaq kommunizmdə bu mümkün ola bilərdi, o da utopiya çıxdı.
2014-cü ilin büdcəsi real büdcədir. Özü də bu büdcə həm iqtisadiyyatın ayrı-ayrı sahələrindəki vəziyyəti, həm ümumi daxili məhsulun həcmini və artım tempini, həm də beynəlxalq konyunkturanı nəzərə almaq baxımından özündən əvvəlkilərdən daha real büdcədir. Bir daha təkrarlayıram, burada səslənən bütün fikirlərin reallaşması üçün real deyil, ideal bir büdcə tələb olunur ki, o da yoxdur. Təbii ki, bu təklifi irəli sürənlər özləri də bunu bilirlər. Burada məqsəd hökuməti fakt qarşısında qoymaq deyil, edilən təkliflərin indi də olmasa gələcəkdə nə qədər mümkündürsə, bir o qədər nəzərə alınmasıdır.
Azərbaycan o azsaylı ölkələrdən biridir ki, burada hakimiyyətin ayrı-ayrı qolları arasında bir əməkdaşlıq, qarşılıqlı sayğı və anlaşma var. Mənə elə gəlir ki, bizim bugünkü uğurlarımızda bu faktorun az rolu yoxdur. Eyni zamanda, Milli Məclis dünyanın az sayda parlamentlərindən biridir ki, burada büdcə müzakirələri zamanı səsləndirilən təkliflərin böyük əksəriyyəti lobbiçilik məqsədilə edilmir, hansısa qrupların maraqlarının təmininə yönəlməyib. Konkret olaraq sadə vətəndaşın, seçicinin tələb və istəyini özündə ehtiva edir.
Xanımlar və cənablar, dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, məqsədimiz ölkəmizi inkişaf etmiş dövlətlər sırasında görməkdir. Bu günə qədər bunun üçün hər nə lazımdırsa edilib. Amma qarşıya qoyulan hədəflər və bütövlükdə ölkənin inkişaf fəlsəfəsi yeni bir cəmiyyətin formalaşmasını diktə edir. Vaxtilə Şarl de Qoll deyirdi ki, fransız dövlətini qurduq, indi də Fransa xalqını yaratmalıyıq. İddialı bir Azərbaycan dövləti qurulub, bu faktdır. Özünün iqtisadi potensialına görə 200-dən artıq ölkənin arasında 67-ci yerdə duran dövlətimiz rəqabət qabiliyyəti baxımından 39-cu pillədədirsə, bu o deməkdir ki, belə getsə, qarşıdakı 10 ildə dünyanın ən güclü iqtisadiyyatlarından biri ola biləcəyik və burada əsas yeri yeraltı sərvətlər yox, insan kapitalı oynayacaq.
Biz inkişaf etmiş dövlətlər sırasında yer almalıyıqsa, bu o deməkdir ki, ölkəmiz kimi cəmiyyətimiz də həmin cəmiyyətlərin səviyyəsində olmalıdır – həm savad, həm məsuliyyət, həm də məhsuldarlıq baxımından. Obrazlı desək, indi də cəmiyyətdə infrastruktur quruculuğu aparılmalıdır. Ölkədəki infrastruktur quruculuğunda enerji potensialının artırılması və yolların salınması nə demək idisə, cəmiyyət quruculuğunda da təhsilin səviyyəsinin qaldırılması və şəffaflıq o deməkdir, nə az, nə çox. Bu baxımdan cənab Prezidentin büdcə tərtibi zamanı proqramlılığa, əsasən də ünvanlılıq faktoruna diqqət yetirilməsini tələb etməsi olduqca önəmlidir və mən deyərdim ki, bu büdcədə ünvanlılığa diqqət yetirilməsinə xüsusi ehtiyac var.
Bir-iki kəlmə də mən təmsil etdiyim bölgə haqqında demək istəyirəm. Xanımlar və cənablar, hamımız yaxşı bilirik ki, bütün cəbhəyanı bölgələrə, o sıradan da mənim təmsil etdiyim Tərtər bölgəsinə təyinatından asılı olmayaraq qoyulan istənilən yatırım həm də ordu quruculuğuna edilmiş yatırımdır. Çünki burada infrastrukturun gücləndirilməsini, abadlıq işlərini, qazlaşdırmanı – bütün bunları düşmən də qarşı tərəfdən görür və bu, psixoloji baxımdan olduqca önəmli bir faktordur.
Hazırda mənim təmsil etdiyim Tərtərin ən böyük problemlərindən biri su problemidir. Su çatışmazlığı üzündən orada xeyli ağaclar quruyub. Bildiyiniz kimi, Sərsəng su anbarına gələn suyun qarşısını ermənilər kəsirlər, vermirlər. Düzdür, 470-dən artıq artezian quyusu qazılıb, amma bununla tələbatı ödəmək mümkün deyil. Bunun üç yolu var – ya dəryaça tikməklə gələn suyun qarşısını alıb sonra ondan istifadə etmək, ya İncəçay üzərində bir dəryaça tikmək, ya da Yuxarı Qarabağ kanalının ötürücülük qabiliyyətini artırıb ondan bir qol ayırmaqla bu problemi müəyyən dərəcədə həll etmək olar. Yoxsa su problemi tərtərlilər qarşısında duran ən kəskin problemdir. Hökumət üzvlərindən bu məsələyə xüsusi diqqət yetirmələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Buyurun, İlyas İsmayılov.
İ.İsmayılov. Təşəkkür edirəm, cənab Sədr. Biz artıq üçüncü gündür Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsinin layihəsini müzakirə edirik. Burada layihə ilə bağlı çox maraqlı təkliflər oldu və layihənin üstün cəhətlərindən çox danışıldı. Mən bunların əksəriyyəti ilə tanışam və burada deyilənləri təkrar edib vaxtınızı almaq istəmirəm.
Bu gün mən ancaq artıq hamının müzakirə etdiyi və günü-gündən daha real görünən tarif artımından danışmaq istərdim. Zənnimcə, bu artımın nə dərəcədə qaçılmaz olduğu hələ müzakirə olunmalıdır. Bildiyimiz kimi, Azərbaycanda qeyri-neft sektorunun lokomotivi tikintidir. Yerli vergilər xətti ilə toplanacağı nəzərdə tutulan 2 milyard 139 milyon manatın 70 faizi dövlət büdcəsindən əsaslı vəsait qoyuluşuna ayrılan puldan götürülür. Belə demək mümkündürsə, dövlət pulu bir cibindən götürüb başqa bir cibinə qoyur və bunun da əlavə dəyər yaratmaqla heç bir əlaqəsi yoxdur. Bu heç iqtisadi proses sayıla bilməz. Eynilə büdcə təşkilatlarının kommunal xərcləri üçün ayrılan vəsaitin layihədə birdən-birə 85 faiz artması da, əslində, dövlətin pulu yenə də bir cibdən başqa bir cibə qoymasıdır.
Amma tarif artımı əhali üçün real iqtisadi və sosial yük olacaq. Əhali üçün tarif artımının qarşısını necə almaq olar? Baxın, əlavə dəyər yaratdığımız, yəni böyük yer, vergi payı olan 627 min manat, əsasən, neft-qaz sektorunda işləyən şirkətlərin hesabınadır. Sual olunur, haradadır bizim özəl sektorumuz və onun lideri olan tikinti? Mən hələ sənaye və sosial tikintidən danışmıram. Hərçənd ki, ölkədə hər il özəl tikinti şirkətləri tərəfindən onlarla yeni dövlət obyektləri və özəl müəssisələr tikilib istifadəyə verilir.
Mən böyük miqyasda aparılan mənzil tikintisini qeyd etmək istərdim. Təkcə özəl şirkətlərin gücü ilə Azərbaycanda ildə orta hesabla 1,8 milyon kvadratmetr yaşayış sahəsi istifadəyə verilir. Bunu rəsmi statistika deyir. Bəs baxaq, reallıqda bu rəqəm necə olmalıdır. Bizim kimi neft ölkəsi sayılan Rusiya və Qazaxıstanda il ərzində adambaşına müvafiq olaraq 0,9 və 1,3 kvadratmetr yaşayış sahəsi istifadəyə verilir. Bizdə bu göstərici heç 0,2 kvadratmetri də aşmır. Deməli, ən azından göstərilən qədər mənzil sahəsinin tikintisi statistikadan, vergidən gizlədilir.
Bundan başqa, tikinti sektoru əmək və vergi qanunvericiliyinin ən çox pozulduğu sahələrdəndir. İnşaat şirkətləri vergi və sosial ayırmalardan qaçmaq üçün işçilərin real sayını və əmək haqqını gizlədir. Bu həm işçilərin qanuni hüquqlarını pozur, həm də vergi baxımından böyük itki deməkdir. Bu da sirr deyil ki, Azərbaycanda əksər tikinti təşkilatlarının güclü himayədarları var və bu himayədarlıq tək qanunçuluğa deyil, həm də dövlətin vergi siyasətinə ziddir. Bəs nəyə görə dövlət bu sahədə və ümumiyyətlə, kölgə iqtisadiyyatının bütün sahələrində qayda-qanun yaratmaq əvəzinə onlardan yığa bilmədiyi vergi yükünü tarif şəklində əhalinin çiyninə yükləməlidir?
Hesab edirəm ki, kölgə iqtisadiyyatının üzə çıxarılması vasitəsilə vergi yığımını xeyli artırmaq olar. Bundan başqa, dövlət idarəetmə strukturuna yenidən baxaraq bir çox respublika və rayon səviyyəli qurumları ləğv etmək və ya birləşdirmək, özünü doğrultmamış təşkilatların maliyyəsini dayandırmaq lazımdır. Bir misal gətirim. Yüz faiz özəl sahə olan kənd təsərrüfatına büdcə dəstəyi adı altında aqrolizinqlərə, regional kənd təsərrüfatı idarələrinə, damazlıq, toxumçuluq adı altında kağız üzərində olan sovxozlara niyə büdcədən vəsait ayrılmalıdır?
Dövlət dəstəyinin ünvanlılığını təmin etmək əvəzinə bu qədər strukturlar yaratmaq, hər birinin başına bir məmur qoyaraq, onlara büdcə hesabına biznes sahələri yaratmaq nəyə lazımdır? Hesablamalara görə orta Azərbaycan vətəndaşı aylıq gəlirinin 40–60 faizini ərzağa, 20–30 faizini kommunal xərclərə yönəldir. Yenə də yerdə nə qalır? 10 faiz. Bu 10 faizi də əlindən alaq?
Hörmətli deputatlar, hesab edirəm ki, xalqın güzəranına zərbə vurmadan büdcə problemlərini həll etmək mümkündür. Sadəcə, bu gün Azərbaycanın dövlət idarəçilik sistemində, onun yuxarı və orta pillələrində elə bir məmur təbəqəsi formalaşıb ki, onların heç də hamısı real islahatların həyata keçirilməsində, kölgə iqtisadiyyatı ilə ciddi mübarizə aparılmasında maraqlı deyil. Çoxları isə, ümumiyyətlə, islahat nəyə deyildiyini bilmirlər. Elə bu iki səbəbdən ölkəmiz, xalqımız öz əmək və yaradıcı potensialından tam istifadə edə bilmir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Buyurun, Şəmsəddin müəllim.
Ş.Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Cənab Sədr, hörmətli millət vəkilləri! Təbii ki, 5 dəqiqə ərzində bu möhtəşəm sənəd haqqında ətraflı danışmaq qeyri-mümkündür. Biz noyabr ayının 6-da altı komitənin iclasında 3 saat ərzində bu büdcənin müzakirəsini keçirmiş, onu, demək olar ki, hərtərəfli surətdə təhlil etmişik. Bu da təsadüfi deyil ki, həmin iclasda iştirak eləyən deputatlar bu gün burada, hökumət nümayəndələrinə suallarla müraciət eləmədilər. Çünki orada bir çox məsələlərə aydınlıq gətirilmişdi.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Biz bu gün büdcəni müzakirə edirik. Büdcə konkret il üçün dövlətin qarşıya qoyduğu vəzifələrdir və onun həyata keçirilməsi üçün ayrılan vəsaitlərdir. Bunlar barəsində söhbət getməlidir. Amma bu və ya digər sahənin problemləri haqqında danışılır. Mən hesab edirəm ki, bu, müzakirəmizi bir qədər başqa istiqamətə yönəldir. Əslində, biz büdcə haqqında fikirlərimizi bildirməli, mövcud resurslar şəraitində bu və ya digər sahənin inkişafı üçün hansı parametrlərin müəyyənləşdirildiyi barədə danışmalıyıq.
Mən ən birinci onu deyərdim ki, 2014-cü ilin dövlət büdcəsi tam əsaslandırılmış bir büdcədir. O, makroiqtisadi situasiya, ölkəmizdə, eləcə də beynəlxalq aləmdə baş verən siyasi-iqtisadi proseslər, dünya miqyasında davam edən qlobal maliyyə böhranının yaratdığı şərait nəzərə alınaraq tərtib olunub. Büdcə əsaslandırılıb, tamamilə təminatlıdır, real büdcədir. Mən əminəm ki, büdcənin gəlir və xərc maddələrinin yerinə yetirilməsi üçün bütün imkanlar var.
Bu büdcəni fərqləndirən əsas xüsusiyyətlərdən biri ondan ibarətdir ki, artıq bizim iqtisadiyyatımız neftdən asılılığı azaldır və bu azalma qeyri-neft sektoru hesabına kompensasiya olunur. Qeyri-neft sektorunun sürətli inkişafı, artım tempinin yüksəlməsi, büdcədə onun xüsusi çəkisinin artması, təbii ki, müsbət meyllərdir. Əlbəttə, bu bir gündə baş verməyib. Bu, son on ildə ölkədə aparılan düşünülmüş, sistemli siyasətin nəticəsidir.
Bu gün Azərbaycan manatının sabitliyi təmin olunmuşdur. Bu həm iqtisadi inkişafımız üçün lazımi şəraitin yaradılmasına səbəb olub, həm də ölkəmizin ərazisində əlverişli sahibkarlıq mühitinin, investisiya mühitinin yaradılması üçün çox ciddi bir faktor kimi öz əhəmiyyətini göstərmişdir.
Hörmətli millət vəkilləri, büdcəmiz həm sosial, həm də investisiya yönümlüdür. Rəqəm gətirmək istəmirəm, bu artıq qeyd olundu. Amma əsas odur ki, bu istiqamətdə müsbət meyllər davam etməkdədir. Büdcə xərclərinə nəzər yetirsək, haradasa 64 faizindən çoxu bu sahələrə sərf olunur.
Mən xüsusilə bir neçə kəlmə... Vaxt da çox azdır, tələsə-tələsə danışıram, amma bilmirəm ki, daha çox hansı məsələləri qabardım.
Sosial məsələlərlə, xüsusilə elm, təhsil məsələləri ilə bağlı. Komitələrin birgə iclasında çox ciddi müzakirələr oldu, bəzi problemlər də qaldırıldı. Amma mən tam əminliklə deyə bilərəm ki, bu gün təhsilə və elmə ayrılan vəsait həmin sahələrin inkişafı üçün tamamilə yetərlidir. Söhbət ayrılan vəsaitdən səmərəli istifadə olunmasından gedir. Bu sahələrdə problemlərimizi inkar etmirik.
Hazırda Azərbaycanın təhsil sistemində çox ciddi islahatlar həyata keçirilir. Bu islahatlar başa çatdıqdan sonra biz müəllimlərin əmək haqqının artırılması ilə bağlı müəyyən addımlar ata bilərik. Amma indi bu məsələnin qaldırılması o qədər də düzgün deyil. Çünki bunun üçün lazım olan vəsait yoxdur. Bu gün əmək haqqına ayrılan vəsaitin 10 faiz artırılması 300 milyon əlavə vəsaitin tələb olunması deməkdir.
Sədrlik edən. Şəmsəddin müəllim, 3 saat komitənin iclasını aparmısan. 3 saatın hərəsində 10 dəqiqə danışmısansa, bu, yarım saat eləyir. İndi də 5 dəqiqə danışdın.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 1 dəqiqə əlavə edirəm, buyur.
Ş.Hacıyev. Elmlə bağlı. Hörmətli millət vəkilləri, bilirsiniz ki, Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi artıq hazırdır və biz onu yaxın günlərdə müzakirəyə çıxaracağıq. Qanunvericilik bazası olmadan elm sahəsində aparılan islahatların səmərəliliyindən danışmağa dəyməz. Doğrudur, elm sahəsində ciddi dəyişikliklər, struktur dəyişiklikləri gedir, islahatlar aparılır. Elm sahəsinə dövlət tərəfindən ciddi diqqət yetirilir. Amma orada ciddi dəyişikliklərin aparılması üçün qanunvericilik bazası yaradılmalıdır. Ona görə də biz həmin qanunda ciddi yeniliklər nəzərdə tutmuşuq. Mən sizi bu qanunun müzakirəsində fəal iştirak etməyə çağırıram. Hesab edirəm ki, bu qanun qəbul edildikdən sonra elm sahəsində bu gün səsləndirilən bir çox problemlər öz həllini tapacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli. Xahiş edirəm, qısa.
İ.Həbibbəyli. Hörmətli Oqtay müəllim, hörmətli deputat həmkarlarım! Mən də bir neçə məsələ barədə konkret fikirlərimi demək istəyirəm. Birinci onu qeyd eləməyi özümə borc bilirəm ki, təqdim olunan dövlət büdcəsi yüksək səviyyədə hazırlanıb, elmi əsaslar üzərində formalaşdırılıb. Onu dövlətin iqtisadi siyasətini ifadə edən bir qanun layihəsi kimi qəbul eləməkdən başqa indiki dövrdə Azərbaycan iqtisadiyyatının bütün inkişaf proseslərini, bütün yönlərini əks etdirən elmi sənəd kimi də qəbul eləmək mümkündür. Yaxşı cəhəti ondan ibarətdir ki, bu il dövlət büdcəsi haqqında qanun layihəsi həm də yığcam elmi hesabat, icmal şəklində təqdim olunmuşdur ki, bu da çox qısa vaxtda büdcənin yerinə yetirilməsində olacaq prosesləri izləməyə imkan verir.
Elmə ayrılan vəsait bu il əvvəlki illərlə müqayisədə bir qədər artıb. Bu yaxşı haldır. Amma eyni zamanda, qeyd eləmək istəyirəm ki, Azərbaycan Milli Elmlər Akademiyasında geniş islahatlar aparılır, quruculuq prosesləri davam edir. Bu işlərin maliyyə təminatı üçün builki artım tam qaneedici deyildir. Məsələyə yenidən baxarkən elmə ayrılan xərclərin bir qədər də artırılmasına diqqət yetirilməsini xahiş edərdim.
Nəhayət, dünən parlament yoldaşlarım Azərbaycan–İran sərhədində İran tərəfdən sərhəd keçid məntəqələrinin bağlanması ilə bağlı öz etirazlarını, fikirlərini bildirdilər. Artıq bir həftədir ki, İran tərəfi Biləsuvarda və Culfada sərhəd keçid məntəqələrini qapalı saxlayır. Naxçıvan tərəfdən isə İrana hər iki keçid açıqdır, Türkiyənin, İranın maşınları sərbəst keçib gedirlər. İndi artıq Biləsuvarda və Culfada minlərlə yüklü maşın dayanıb. Böyük gərginlik var. İnsanlar əziyyət çəkir, narazılıq artır.
İran bizə dost ölkədir. İranla biz bundan sonra da əməkdaşlığımızı genişləndirəcəyik. Amma müsəlmanlar üçün həmrəyliyin ifadəsi olan indiki günlərdə İranın qapıları bağlı saxlayaraq Naxçıvandakı müsəlman qardaşlarına bu qədər sıxıntı yaşatması bir həftədən çoxdur davam eləyir və elə bilirəm, normal məntiqə sığmır. Mən İranın rəsmilərinə, bu işlə məşğul olan şəxslərinə, rəhbərliyinə müraciət edirəm. Xahiş edirəm ki, ən qısa zamanda İran tərəfdən olan qapılar açılsın, ölkələrimiz arasında illərdən bəri formalaşan dostluq, əməkdaşlıq körpüləri yenidən bərpa olunsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Mən dünən də dedim, bu məsələ araşdırılır, danışıqlar gedir. Yəqin ki, məsələ bu yaxınlarda öz həllini tapacaq.
Hörmətli millət vəkilləri, 54 millət vəkili çıxış elədi, geniş müzakirələr oldu, çoxsaylı təkliflər verildi. Biz həmişə müzakirələrdən sonra maliyyə nazirindən xahiş edirik ki, təkliflərə münasibətini bildirsin. Ancaq mən hesab edirəm, biz maliyyə nazirinə vaxt verməliyik ki, bütün bu təkliflərə baxsın və bir neçə gün sonra növbəti iclasa gələndə onlara münasibətini bildirsin. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ancaq İqtisadiyyat və Sənaye Nazirliyinə ünvanlanan suallar çox olmamışdı. Əgər Sevinc xanım hazırdırsa, buyursun.
S.Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə Oqtay müəllimə təşəkkür eləmək istəyirəm ki, ölkənin 2014-cü ildə inkişafını təmin edən çox mühüm bir sənədin bu 3 gün ərzində müzakirəsinə gözəl şərait yaratdı. Millət vəkillərinə də Azərbaycan cəmiyyətinin, Azərbaycan iqtisadiyyatının bugünkü aktual məsələləri və problemləri barədə geniş fikirlərinə və bu məsələlər, problemlərlə bağlı çoxsaylı təkliflərinə görə təşəkkür etmək istəyirəm.
Çoxsaylı çıxışlarda, əsasən, iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı, diversifikasiyanın daha da sürətləndirilməsi və real sektora daha çox gəlir gətirən istehsal sahələrinə diqqət yetirilməsi məsələləri qeyd olundu. Hörmətli Fərəc Quliyev, Vahid Əhmədov, Əli Məsimli, Mübariz Qurbanlı çıxışlarında bu məsələlərə toxundular. Mən noyabrın 12-dəki çıxışımda Azərbaycanın gələnilki iqtisadi inkişaf konsepsiyasının nədən ibarət olduğu barədə məlumat vermişdim. Bu millət vəkillərinə təşəkkür eləmək istəyirəm ki, belə aktual məsələni bir daha diqqətə çatdırdılar. Çünki Azərbaycanda iqtisadi inkişafın hazırkı mərhələsində ən aktual məsələ iqtisadiyyatın şaxələndirilməsinin daha da dərinləşdirilməsi, diversifikasiyanın daha da sürətləndirilməsidir.
Dövlətin bu sahəyə xüsusi diqqətinin bariz nümunəsi “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının qəbul olunmasıdır. Bu konsepsiyanın iqtisadi blokunda iqtisadiyyatın şaxələndirilməsi, real sektorun daha da inkişaf etdirilməsi üçün münbit şəraitin yaradılması əsas məsələ kimi nəzərdə tutulmuşdur.
Hədəflərimiz məhz qeyri-neft sektoru ilə bağlıdır. Bildiyiniz kimi, cənab Prezident çıxışlarında vurğulayır ki, Azərbaycan iqtisadiyyatı indiki dövrədək üç dəfədən çox artmışdır və qarşıya daha mühüm bir hədəf qoyulmuşdur ki, gələn 10 ildə iki dəfə də artırılsın. Əgər əvvəlki illərdə bu artım neft sektorunun köməyi ilə həyata keçirilirdisə, artıq gələn ildən bunun qeyri-neft sektorunun inkişafı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur. Bu sahədə hökumət tərəfindən çox geniş tədbirlər görülür. İnkişafın təmin edilməsi üçün ilk növbədə makroiqtisadi sabitlik qorunub saxlanmalıdır. Bu da bizim vəzifələrimizdən biridir. Hörmətli Elman müəllim dünənki çıxışında bu barədə çox geniş məlumat verdi.
Digər məsələ qeyri-neft sektorunun inkişafını təmin edən və hörmətli millət vəkillərimiz tərəfindən də qeyd olunan keyfiyyətli insan kapitalının yaradılmasıdır. Bu həmin sektorun inkişafına bilavasitə təsir edən amillərdəndir. Bununla bağlı geniş tədbirlər görülməkdədir. Onlardan biri burada səslənən Xaricdə təhsil üzrə Dövlət Proqramıdır. Bu proqrama əsasən Azərbaycan gəncləri 2015-ci ilə qədər inkişaf etmiş ölkələrin ən nüfuzlu universitetlərinə təhsil almağa göndəriləcəklər. Əlbəttə ki, biz bununla yanaşı, Azərbaycanda da təhsil sisteminin inkişafına diqqət yetiririk.
Qeyri-neft sektorunun inkişafı üçün dövlət tərəfindən genişmiqyaslı infrastruktur layihələri həyata keçirilir. Hər hansı bir biznesin inkişafı üçün onun resurslara və xidmətlərə əlçatanlığı təmin olunmalıdır. Nəqliyyat sektorunun, su-kanalizasiya sisteminin inkişafı, elektrik enerjisinin təchizatı vacib məsələlərdəndir və bildiyiniz kimi, bu sahədə genişmiqyaslı layihələr həyata keçirilir.
Özəl sektorun, sahibkarlığın inkişafı üçün biznes mühiti çox vacib amillərdəndir. Bu sahədə də nailiyyətlərimiz var, amma biz bununla kifayətlənmirik. Biznes mühitinin davamlı olaraq təkmilləşdirilməsi üçün tədbirlər həyata keçiriləcək. Bilirsiniz ki, vergi yükünün azaldılması, kənd təsərrüfatının stimullaşdırılması üçün böyük tədbirlər görülmüşdür. Bundan sonra da bu tədbirlər davam etdiriləcək və onların səmərəliliyinin artırılmasına daha çox diqqət yetiriləcəkdir.
Qeyri-neft sektorunun inkişafında əldə olunan nailiyyətlər Azərbaycanın qeyri-neft məhsullarının ixracına da öz təsirini göstərməkdədir. Bu məhsulların ixracının artırılması “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında mühüm hədəflərdən biri kimi qoyulmuşdur. Biz gələn onillikdə qeyri-neft məhsullarının ixracını 4-5 dəfə artırmağı hədəfləmişik. Son 10 ildə görülən tədbirlər nəticəsində Azərbaycanın qeyri-neft sahəsində ixrac potensialı genişlənmişdir. Azərbaycandan 2003-cü ildə 1218 adda məhsul ixrac edilirdisə, 2012-ci ildə 2273 adda məhsul ixrac edilmişdir.
Son 10 il ərzində qeyri-neft sahəsində kənd təsərrüfatı məhsullarının ixracı 9,4 dəfə, sənaye məhsullarının ixracı isə 4,8 dəfə artmışdır. Qeyd edim ki, hazır ərzaq məhsullarının, spirtli, spirtsiz içkilərin ixracı 38 dəfə, heyvan və bitki mənşəli piylərin, yağların ixracı isə 52 dəfə artmışdır.
Azərbaycanda kimya sənayesi məhsullarının, o cümlədən əczaçılıq məhsullarının ixracı da artmışdır. Əczaçılıq məhsullarının ixracında 22 dəfə artım müşahidə edilmişdir. Bu tendensiya gələcəkdə də davam etdiriləcəkdir. Qeyri-neft sektorunun inkişafı təmin olunmaqla qeyri-neft məhsullarının ixracı daha da artırılaraq bizim gözlədiyimiz 20 faizə çatacaqdır.
Burada qeyd olunan məsələlərdən biri də idxalın tərkibinin təhlil edilməsi və Azərbaycanın öz ərzaq məhsulları ilə təmin olunmasıdır. Bildirmək istəyirəm ki, yeyinti məhsullarının, mühüm ərzaq məhsullarının idxalında ciddi azalma müşahidə edilir. Belə ki, 2012-ci ildə 2011-ci illə müqayisədə ət məhsullarının idxalı 30 faizədək, süd məhsullarının idxalı 25 faizədək, taxıl və un məhsullarının idxalı isə 89 faizədək azalmışdır. İnanıram ki, görülən tədbirlər nəticəsində bu tendensiya davam edəcək. Cənab Prezident Azərbaycanda istehsal oluna bilən bütün məhsulların burada istehsal olunması ilə bağlı tapşırıq vermişdir. İqtisadiyyat və Sənaye Nazirliyinin qarşısında bu vəzifə durur və biz gündəlik fəaliyyətimizdə buna xüsusi diqqət yetiririk.
Hörmətli millət vəkilləri tərəfindən regional inkişaf, regionlarda və xüsusilə kənd yerlərində infrastruktur layihələrinin həyata keçirilməsi məsələləri qaldırılmışdır. Rafiq Məmmədhəsənov, Çingiz Qənizadə, Azər Badamov, Jalə xanım, Əhməd müəllim, Tahir müəllim, Gülçöhrə xanım seçildikləri rayonlarla bağlı məsələlər qaldırmış, Fazil müəllim ümumilikdə regionların inkişafı ilə bağlı məsələlərə geniş toxunmuşdur. Sabir Rüstəmxanlı bu gün bu məsələlərə yenidən qayıtdı. Mən ilk növbədə millət vəkillərimizə regionlarla bağlı məsələlərə toxunduqlarına görə və kəndlərdə olan problemləri burada qaldırdıqlarına görə təşəkkürümü bildirmək istəyirəm.
Qeyd etmək istəyirəm ki, Azərbaycanda artıq ikinci regional inkişaf proqramı həyata keçirilir. Birinci regional inkişaf proqramı 2004–2008-ci illəri əhatə etmiş və çox uğurla həyata keçirilmişdir. Hazırda “Azərbaycan Respublikası regionlarının 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” başa çatmaq üzrədir. Biz bu proqram çərçivəsində genişmiqyaslı işlər görmüşük və artıq nailiyyətlərimiz də var. Qeyd etmək istərdim ki, regionlarda 2009–2013-cü illərdə 443 min yeni iş yeri yaradılmışdır ki, bunların da 336 mini daimidir. İkinci regional inkişaf proqramı çərçivəsində 25 mindən çox yeni müəssisə fəaliyyətə başlamışdır. Hər iki regional inkişaf proqramının icrası dövründə bu müəssisələrin sayı 53 mindən yuxarı olmuşdur.
Genişmiqyaslı infrastruktur layihələri də həyata keçirilmişdir. Elektrik təchizatı üçün 23 min kilometrə yaxın elektrik xətləri çəkilmiş, əsaslı təmir olunmuş, 7 elektrik stansiyası istifadəyə verilmiş, 5400-ə yaxın transformator quraşdırılmış, təmir edilmiş, yeniləri ilə əvəz edilmişdir.
Qaz təchizatı ilə əlaqədar 24 min kilometrdən çox qaz xətləri çəkilmiş və ya təmir edilmişdir. İkinci regional inkişaf proqramının icra dövrü ərzində 521 yaşayış məntəqəsi qaz ilə təmin edilmişdir.
Nəqliyyat infrastrukturu da geniş inkişaf etdirilmişdir. İkinci regional inkişaf proqramı çərçivəsində Qəbələdə, Yevlaxda yeni hava limanı istifadəyə verilmişdir. 2620 kilometr uzunluğunda respublika və yerli əhəmiyyətli avtomobil yolları çəkilmiş və ya təmir edilmiş, 112 körpü və tunel inşa olunmuşdur.
Su xətlərinin, kanalizasiya şəbəkəsinin çəkilişi və təmiri ilə də bağlı işlər görülməkdədir. 2332 kilometr su, 1090 kilometr kanalizasiya xətti çəkilmiş və ya təmir olunmuş, 54 su anbarı tikilmiş, 16 şəhər və rayon mərkəzində genişmiqyaslı su-kanalizasiya layihələri həyata keçirilmişdir.
Meliorasiya sahəsində də geniş işlər görülmüşdür. 863 kilometrdən çox kollektor-drenaj şəbəkələri tikilmiş, təmir edilmiş, yenidən qurulmuşdur. 1244 kilometr uzunluğunda suvarma kanallarının tikintisi, bərpası və yenidən qurulması işləri aparılmışdır.
Rabitə xidmətləri genişləndirilmişdir. Regionlarda 613 ATS istifadəyə verilmiş, 117 minədək nömrə tutumu artırılmış, 355 poçt binası tikilmiş və əsaslı təmir edilmişdir. Burada sosial infrastrukturla da bağlı çoxlu sayda təkliflər verildi. Bu regional proqram çərçivəsində 623 məktəb, 112 uşaq bağçası, 209 tibb müəssisəsi, 282 mədəniyyət obyekti, 157 idman obyekti tikilmiş və təmir olunmuşdur.
Regionlarda real sektorun, istehsalın və sahibkarlığın inkişafı üçün çoxsaylı kreditlər ayrılmış və 11 mindən çox sahibkarlıq subyektinə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 850 milyon manata qədər kredit verilmişdir.
Hazırda biz regional inkişaf üzrə üçüncü dövlət proqramının hazırlanması mərhələsindəyik. Bu proqramda da regionların inkişafı nəzərdə tutulur. Hesab edirəm ki, hörmətli millət vəkilləri tərəfindən kəndlərlə bağlı qaldırılan məsələlərə də bu proqram çərçivəsində baxacağıq.
Daha bir məsələ burada Yevda müəllimin qeyd elədiyi Quba zonasında alma tədarükü ilə əlaqədardır. Mən bildirmək istəyirəm ki, bu zonada Quba konserv zavodu, Qafqaz konserv zavodu və “Xaçmaz Şərab” ASC fəaliyyət göstərir. Hazırda bu üç müəssisə tərəfindən almaların qəbulu həyata keçirilir. Biz dünən əlaqə saxladıq və müəssisələrdən, xüsusilə Quba konserv zavodundan bildirdilər ki, onların tədarük gücü 200 ton olmasına baxmayaraq, son günlərdə yerlərdən meyvə təhvili azalıb və onlar 177–175 ton, dünən isə 155 ton alma tədarük ediblər. Nə qədər məhsul təklif olunsa, onlar onu tədarük edəcəklər.
Eyni zamanda, bağlı müəssisələrlə əlaqədar bildirmək istəyirəm ki, yerlərdə sovet dövründən qalmış və modernizasiya olunmamış müəssisələr var. Yevda müəllimin qeyd etdiyi müəssisə 1984–1995-ci illərdə fəaliyyət göstərmiş və 1995-ci ildən sonra fəaliyyətini dayandırmışdır. Biz o müəssisənin fəaliyyətinin bərpası ilə əlaqədar araşdırma aparıb, hörmətli millət vəkilimizə əlavə məlumat bildirəcəyik.
Burada mənzil-kommunal sahəsi ilə əlaqədar fikirlər səsləndi. Kommunal sahənin özünü idarə etməsi və bələdiyyələrə verilməsi məsələlərinə toxunuldu. Bununla əlaqədar bildirmək istəyirəm ki, Mənzil Məcəlləsinə əsasən Azərbaycanda dövlət mənzil fondu dövlət tərəfindən, bələdiyyə mənzil fondu bələdiyyələr tərəfindən, özəl mənzil fondu isə onların mülkiyyətçiləri tərəfindən idarə olunur. Mənzil Məcəlləsində nəzərdə tutulur ki, məhz mənzil mülkiyyətçiləri özləri bu sahədə idarəetməni təşkil edir və həyata keçirirlər. Əgər onlar bunu bacarmasalar, bu sahəyə bələdiyyələr tərəfindən müdaxilə olunur və o binalar idarəetməyə verilir. Bu məsələ Mənzil Məcəlləsində öz əksini tapıb və bələdiyyələrin də bunu eləmək səlahiyyətləri var. Kommunal xidmətlərin tarifləri ilə əlaqədar bildirmək istəyirəm ki, hazırda bu tariflərin artırılması ilə bağlı Tarif Şurasına müraciət olunmamışdır.
Burada hörmətli deputatımız Zahid müəllim ticarət mərkəzlərində çalışan sahibkarların öz mülkiyyət hüquqlarından istifadə edə bilməməsi haqqında məsələ qaldırdı. Biz bu məsələni araşdırdıq. Nazirliyə bununla əlaqədar şikayət, müraciət daxil olmayıb. Biz hörmətli millət vəkilimizin müraciətini qəbul edirik və onu araşdıracağıq. Bununla əlaqədar millət vəkilinə məlumat verəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Sevinc xanım, təşəkkür edirəm. Hörmətli deputatlar, hökumət üzvləri! İndi isə biz gündəliyin ikinci məsələsinin –Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Bu barədə Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli məlumat verəcək. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Ulu öndər Heydər Əliyev dühasının xalqa xidmət etmək, xalq üçün çalışmaq siyasətinin qələbəsi və təntənəsi özünü 2013-cü ilin Prezident seçkilərində bir daha göstərdi. Ümumxalq məhəbbətini qazanmış möhtərəm Prezidentimiz cənab İlham Əliyev möhtəşəm qələbə qazandı və yenidən Prezident seçildi. Prezidentimiz andiçmə mərasimində başlıca məqsədi xalqa xidmət olan sosial rifah dövlətinə bir daha diqqəti cəlb etdi və bu sahədə görüləcək işlərin konturlarını səsləndirdi. Bu işlərin arasında pensiyasığorta islahatları da var ki, bu da 1 milyon 300 min nəfərədək insanın güzəranının yaxşılaşdırılmasına xidmət edir.
Bu hədəflərə xidmət edən Dövlət Sosial Müdafiə Fondunun gələnilki büdcəsini təqdim etmək üçün çıxışa hazırlaşarkən son illərin sənədlərini, büdcə materiallarını bir daha diqqətlə nəzərdən keçirdik, eyni zamanda, Avropanın bir sıra ölkələrində gedən proseslərə baxdıq və bir daha belə qənaətə gəldik ki, bu sahədə ölkəmizdə ardıcıl, genişmiqyaslı işlər aparılır. Müstəqil Azərbaycan artıq onlarla islahat proqramını geridə qoyaraq gələn ilə Dövlət Sosial Müdafiə Fondunun 2 milyard 928 milyon manatlıq büdcəsi ilə gedir. İcmal rəqəmlər 2013-cü ilin proqnoz göstəricisinə nisbətən 300 milyon manat və ya 11,2 faiz çoxdur. Gəlirlərin 60,8 faizini və ya 1 milyard 780,4 milyon manatını məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar təşkil edəcəkdir ki, bu da 2013-cü ilə nisbətən 15 faiz və ya 230 milyon manat çoxdur.
Mən bu artıma tam aydınlıq gətirmək üçün bir neçə rəqəmi müqayisə etmək istəyirəm. Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə Sosial Müdafiə Fondunun büdcəsi 567 milyon manat təşkil edirdisə, cari ildə bu rəqəm həmin dövrdəkindən 5,2 dəfə çoxdur. Bu o deməkdir ki, Azərbaycanda pensiyaçılara verilən müavinətlərin, pensiya məbləğlərinin həcmi yüksək templə artır. Pensiyaların vaxtaşırı artması ilə bağlı onun baza hissəsinin məbləğinin yüksəldilməsi daim möhtərəm Prezidentimizin sərəncamları və müvafiq büdcə ayırmaları ilə müşahidə olunur.
Bununla bağlı daha bir rəqəmi diqqətinizə çatdırmaq istəyirəm. Təkcə son bir il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tələbi və göstərişi əsasında aparılan genişmiqyaslı araşdırmalar və inzbati hüquqi tədbirlər nəticəsində ölkə üzrə sosial sığortaya cəlb olunanların sayı 650 min nəfər artaraq 2 milyon 600 min nəfərə çatmışdır. Bu o deməkdir ki, Dövlət Sosial Müdafiə Fondunda yığım imkanları xeyli artıb və ölkədə daha genişmiqyaslı ehtiyat mənbələri mövcuddur.
Yığımla bağlı ehtiyat mənbələrindən bəhs edərkən, ötənilki çıxışımda səsləndirdiyim bəzi məsələləri yenə də diqqətinizə çatdırmaq istəyirəm. Təsəvvür edin ki, böyük tikinti şirkətinin ümumi pul dövriyyəsi 1 milyon manatı ötür, amma bu halda əmək haqqı heç 50 min manat belə təşkil etmir. Fikrimcə, dövriyyə 1 milyondursa, əmək haqqı fondu bunun ən azı 10–12 faizi olmalıdır. Bu rəqəmlər ciddi düşünməyə əsas verir. Zənnimcə, bu məsələyə gələcəkdə hökumət səviyyəsində bir daha baxmağa, direktiv sənədlər qəbul etməyə ehtiyac duyulur.
Dövlət Sosial Müdafiə Fonduna cəlbolunmaların artması ilə yanaşı, bu vəsaitlərin daha səmərəli xərclənməsi məsələsini də gündəmdə saxlamalıyıq. Bu işdə biz hamılıqla Dövlət Sosial Müdafiə Fonduna yardımçı olmalıyıq. Yadınızdadırsa, mən çıxışlarımda fermerlərin, kənddə çalışanların sosial sığortaya cəlb olunması məsələsindən tez-tez danışırdım. Nəticədə çox cüzi miqdarda vəsait ödəyən kənd təsərrüfatı işçiləri ödədiyindən bəzən 50 dəfə çox məbləğdə pensiya ala bildi. Bu bir tərəfdən yaxşı olsa da, digər tərəfdən ödəmələrin simvolik olmasından, reallığı əks etdirməməsindən xəbər verir.
Digər paradoks son illər əlilliyə görə əmək pensiyasına çıxanların sayının günbəgün yüksək templə artmasıdır. Yuvarlaqlaşdırılmış rəqəmlərə diqqət yetirsək, əlilliyə görə əmək pensiyası alanların sayı 2008-ci ildə cəmi 286 min nəfər olub. Amma proqnozlar göstərir ki, gələn il bu rəqəm 346 min təşkil edəcək. Təsəvvür edin ki, bu tipli pensiya alanların sayı 6 ilə təxminən 61 min nəfər artacaq. Əgər bu rəqəmi ölkədə bütövlükdə əlillərin artım tempi ilə müqayisə etsək, gülməli və heç bir məntiqə sığmayan nəticə əldə etmiş olacağıq.
Hörmətli deputat həmkarlarım, Dövlət Sosial Müdafiə Fondunun büdcəsi, əslində, bugünkü reallıqları özündə əks etdirən təkmil sənədlərdən biridir. Hesab edirəm ki, məndən sonra çıxış edəcək Dövlət Sosial Müdafiə Fondunun nümayəndəsinin təqdimatında həmişə olduğu kimi, rəqəmlər əyani və müqayisəli təhlil şəklində ortaya qoyulacaq, deputat həmkarlarıma daha ətraflı məlumat çatdırılacaq və bir sıra məsələlərə aydınlıq gətiriləcək. Eyni zamanda, ümid edirəm ki, bu gün bizim qaldırdığımız məsələlər sonradan bu sənəddə öz əksini tapacaq. Odur ki, sizdən Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinə səs vermənizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Dövlət Sosial Müdafiə Fondunun sədr müavini Elman Mehdiyev, buyurun.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu sədrinin müavini.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosialyönümlü iqtisadi siyasət və çevik islahatlar nəticəsində əldə olunmuş nailiyyətlər ölkəmizdə sosial dövlət modelinin uğurla reallaşdırılmasının fundamental əsaslarını formalaşdırmışdır. Bunun nəticəsidir ki, Azərbaycanda sosial müdafiə sistemi beynəlxalq standartlar əsasında keyfiyyətcə yenidən qurulmuşdur. İqtisadi artımla sosial xərclərin artımının balanslaşdırılması daimi olaraq diqqət mərkəzində saxlanılaraq vətəndaşların yaşayış səviyyəsinin müasir mexanizmlər əsasında yüksəldilməsi təmin olunmuşdur.
Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsi tərtib olunarkən bir sıra əsas parametrlər, o cümlədən cari ilin ötən dövrü ərzində müşahidə olunan iqtisadiyyatın dinamik artımı şəraitində fondun büdcəsinin icrası vəziyyəti diqqətə alınmışdır. Dünya iqtisadiyyatında mürəkkəb və çətin dəyişikliklərin baş verdiyi, əksər ölkələrin pensiya sistemlərinin göstəricilərinin aşağı düşdüyü cari ilin 10 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun gəlirləri sürətlə artaraq 2 milyard 208 milyon manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 4 faiz və ya 83 milyon manat çoxdur.
Sosial sığorta gəlirləri əvvəlki ilin yanvar-oktyabr aylarına nisbətən 12 faiz artaraq 1 milyard 253 milyon manata çatmışdır. Daxilolmaların 57 faizi və ya 796 milyon manatı qeyri-büdcə sektorunun payına düşmüşdür ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 15,6 faiz və ya 107 milyon manat çox olmaqla proqnozun 115 faiz icra edildiyini göstərir. Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı ölkədəki iqtisadi inkişafa uyğun olaraq orta aylıq əmək haqqının artması, daimi iş yerlərinin yaradılması, sığortaedənlərin qeydiyyatının gücləndirilməsi və əmək haqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsi hesabına təmin olunmuşdur.
Dövlət büdcəsinin transferti proqnozlaşdırıldığı həcmdə, yəni 952 milyon manat təşkil etmişdir. Cari ilin on ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun xərcləri 2 milyard 119 milyon manat olmuş və bunun 98 faizi pensiya və müavinətlərin maliyyələşdiriməsinə yönəldilmişdir.
Bu dövrdə pensiyaların indeksləşdirilməsi və artımı ilə bağlı Azərbaycan Respublikası Prezidentinin iki sərəncamı icra olunmuşdur. Bu artımlardan sonra əmək pensiyalarının baza məbləği 100 manata, orta aylıq məbləği 170 manata çatdırılmış, yaşa görə pensiyalar üzrə əvəzetmə əmsalı 45 faiz təşkil etmişdir. Nəticədə pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələmişdir. Halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən iki dəfə aşağı rəqəmlə ifadə olunurdu. Bütün bunlar Azərbaycan Respublikası Prezidentinin Azərbaycanda sosial müdafiə sahəsində sürətli islahatların aparılması və pensiyaların davamlı artırılmasına dair qəbul etdiyi ardıcıl qərarların real nəticəsidir.
2014-cü ildə Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə təsir edəcək digər əsas parametrlər makroiqtisadi, demoqrafik, məşğulluq və sosial vəziyyət göstəriciləri ilə bağlıdır ki, həmin göstəricilərin proqnozları aşağıdakı kimidir: ölkə iqtisadiyyatının dinamik inkişafının təmin ediləcəyi şəraitdə inflyasiya 3,5 faiz; iqtisadi fəal əhalinin orta illik sayı 4 milyon 784 min nəfər, iqtisadiyyatda məşğul olanların sayı 4 milyon 557 min nəfər; muzdla işləyənlərin orta illik sayı 1 milyon 542 min nəfər; orta aylıq əmək haqqının real artım tempi 5,4 faiz, məbləği 479,4 manat.
Fondun növbəti il üçün büdcəsinə təsir edən sığorta-pensiya sisteminin özünəməxsus göstəricilərinin dəyişmə ehtimalı isə aşağıdakı kimidir: pensiyaya çıxma yaşı 1 yanvar 2014-cü ildən kişilər üçün 63, qadınlar üçün 59 yaş yarım (59,5); pensiya hüququ qazanmaq üçün tələb olunan sosial sığorta stajı dəyişmir; məcburi dövlət sosial sığorta haqlarının dərəcələri dəyişmir; pensiyaçıların orta illik sayı 1 milyon 270,8 min nəfər götürülür. Bu, cari ilin göstəricisindən 1100 nəfər azdır. O cümlədən yaşa görə pensiyaçıların sayının 788,2 min nəfər, əlilliyə görə pensiya alanların sayının 348,4 min nəfər, ailə başçısını itirməyə görə pensiyaçıların sayının isə 134,2 min nəfər olacağı proqnozlaşdırılır.
Yuxarıdakı reallıqlar, proqnozlar və Azərbaycan Respublikasının sığorta-pensiya sisteminin inkişafı üzrə planlaşdırılmış tədbirlərin gerçəkləşdirilməsi də nəzərə alınmaqla Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlir və xərcləri növbəti ilə 2 milyard 928 milyon 452 min manat səviyyəsində proqnozlaşdırılır ki, bu da cari ilin büdcəsinə nisbətən 295,8 milyon manat və ya 11,2 faiz çoxdur.
Bu artımın xərclər və gəlirlər üzrə istiqamətləri belədir: əmək pensiyası üzrə xərclərin artımına 288,3 milyon manat, müavinətlər üzrə artıma 3,2 milyon manat, digər xərclər üzrə artıma 4,3 milyon manat yönəldilməsi nəzərdə tutulur. Gəlirlərlə bağlı məcburi dövlət sosial sığorta haqları və sair gəlirlər üzrə artım 230,8 milyon manat, dövlət büdcəsinin transferti üzrə artım 65 milyon manat nəzərdə tutulur.
Göründüyü kimi, xərclərin artımının 78 faizə qədəri sosial sığorta haqları hesabına maliyyələşdiriləcəkdir. Dövlət Sosial Müdafiə Fondunun ümumi büdcəsinə dövlət büdcəsindən edilən transfertlərin xüsusi çəkisi isə 2013-cü illə müqayisədə 1,9 faiz bəndi azalacaqdır. Fondun büdcə xərclərinin 97,7 faizi və ya 2 milyard 861,8 milyon manatı əhaliyə ödənişlərə, 2,3 faizi və ya 66,7 milyon manatı digər xərclərə yönəldiləcəkdir. Əhaliyə ödənişlərin 97,4 faizini və ya 2 milyard 788,6 milyon manatını pensiya xərcləri, 2,6 faizini və ya 73,2 milyon manatını isə müavinət xərcləri təşkil edəcəkdir.
Hörmətli millət vəkilləri, büdcənin ayrı-ayrı xərc maddələrinin formalaşdırılması mexanizmləri barədə də məlumat vermək istərdim. Pensiyaların baza hissəsinə 2014-cü ildə 1 milyard 518,5 milyon manat vəsait yönəldiləcəkdir ki, bu da cari ildəkindən 160 milyon manat çoxdur. Qeyd edilən məbləğin 1 milyard 474,1 milyon manatı bilavasitə pensiyaların baza hissəsinin, 44,4 milyon manatı isə “Əmək pensiyaları haqqında” Qanunun 19-cu maddəsi ilə müəyyənləşdirilmiş əlavələrin ödənişi üçün nəzərdə tutulur.
Əmək pensiyalarının sığorta hissəsinin cari ilə nisbətən 11,2 faiz və ya 128,4 milyon manat artacağı proqnozlaşdırılır. Bu artımın 27,7 milyon manatı pensiya məbləğinin 2014-cü il yanvarın 1-dən 3,3 faizlik inflyasiya səviyyəsinə uyğun indeksləşdirmə xərclərinə, qalan hissəsi, yəni 100,7 milyon manatı isə xüsusi əlavələr alan hərbi qulluqçular, xüsusi rütbəli şəxslər, dövlət qulluqçuları və sair pensiyaçıların qulluq stajına görə əlavələrinin artımına, eləcə də sistemə daxil olan və sistemdən çıxan pensiyaçıların pensiyaları arasındakı fərqin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Bu artımlardan sonra pensiyaların orta aylıq məbləği 10,8 faiz artaraq 183 manata, o cümlədən yaşa görə pensiyalar üzrə 11,9 faiz artaraq 186 manata, əlilliyə görə pensiyalar üzrə 8,6 faiz artaraq 132 manata, ailə başçısını itirməyə görə isə 10,4 faiz artaraq 131 manata çatacaqdır. Nəticədə Azərbaycan Respublikası son 10 il üzrə pensiyaların artım dinamikasına görə MDB-də qabaqcıl mövqeyini 2014-cü ildə də saxlayacaqdır.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2014-cü il üçün büdcə layihəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsini ifadə edən sənəddir. Həmin sənədin qəbulu Azərbaycanın sosial dövlət modelinin reallaşdırılmasına və “Azərbaycan-2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası ilə müəyyən olunmuş mühüm sosial vəzifələrin mərhələlərlə yerinə yetirilməsinə öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Elman müəllim, təşəkkür edirəm. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Hörmətli deputatlar, xahiş edirəm, yazılın. Çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üçüncü məsələ. Azərbaycan Respublikasında 2014-cü il üçün yaşayış minimumu haqqında qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! 2014-cü il üçün ölkə üzrə yaşayış minimumu 125 manat səviyyəsində müəyyən edilmişdir. Ümumiyyətlə, son 3 il ərzində bu rəqəmin artması istiqamətində müsbət dinamika müşahidə edilir. Müqayisəli materiallar göstərir ki, dövlətimizin bu istiqamətdə apardığı siyasət ölkənin sosial inkişafı, yoxsulluğun azaldılması, bütövlükdə sosial sistemin daha da yaxşılaşdırılmasına xidmət edir. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm, Ziyad müəllim. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Ziyafət müəllim, yaşayış minimumu bizim komitədə də müzakirə olunub. Mən müqayisə üçün demək istəyirəm ki, əgər 2008-ci ildə bu rəqəm 70 manat idisə, indi işləyənlər üçün 136 manatdır. Bu çox böyük irəliləyişdir.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Növbəti məsələ – Azərbaycan Respublikasında 2014-cü il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi. Hadi müəllim, buyurun.
H.Rəcəbli. Bildiyiniz kimi, ehtiyac meyarı ünvanlı sosial yardımın ödənilməsi üçün nəzərdə tutulur. Əlbəttə, bu rəqəmin artması sosial baxımdan müdafiə olunan insanların sayının da artmasına gətirib çıxarır və bu, sosial müdafiəni xeyli gücləndirir. 2007-ci ildə bu rəqəm 35 manat idisə, gələn il üçün 100 manat nəzərdə tutulub. Bu da sosial müdafiəyə cəlb olunan insanların sayını xeyli artıracaq.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Ziyad müəllim, əlavəniz varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Qanun layihəsi ilə bağlı çıxış eləmək istəyənlər var. Buyurun, Fazil müəllim.
F.Mustafa. Ziyafət müəllim, mən bundan əvvəlki qanun layihəsi ilə də bağlı çıxışa yazılmışdım, deyəsən, diqqətdən qaçdı. Həmin qanun layihəsinə də qısaca münasibət bildirmək istəyirəm.
Həqiqətən, sosial müavinətlərlə bağlı məsələ cəmiyyəti maraqlandıran ən vacib məsələlərdən biridir. Burada qeyd olundu ki, 2008-ci ildə əlilliyə görə pensiya alanların sayı 286 min idi, 2014-cü ildə bu rəqəm artıq 346 min civarında olacaqdır. Bu nə deməkdir? Bu o deməkdir ki, Azərbaycanda səhiyyə sistemində aparılan islahatların effektsizliyi dövlətin məhz sosial müdafiə funksiyası ilə bağlı yükünün artmasına gətirib çıxarır. Ona görə də bu sahəyə diqqət yetirmək lazımdır. Əlilliyə görə müavinət alanların sayının çoxalması dövlətin üzərinə düşən yükün artmasına gətirib çıxaran əsas amillərdən biridir.
Paralel strukturların birləşdirilməsi mövzusuna da toxunmaq istəyirəm. Mətbuatda da bununla bağlı söhbət gedir. İstərdim buna aydınlıq gətirilsin. Həmin məsələ Azərbaycan cəmiyyətini də çox narahat edir. Biz dəfələrlə qeyd etmişik ki, Azərbaycanda hüquq mühafizə sistemində və digər sahələrdə bir-birini təkrar edən orqanlar, müxtəlif qurumlar mövcuddur və dövlət büdcəsindən bu istiqamətlərə çoxlu sayda vəsait ayrılır. Məncə, artıq idarəetmədə struktur islahatları aparıb bunların birləşdirilməsi modeli üzərində düşünmək lazımdır. Dövlət Sosial Müdafiə Fondu ilə də bağlı bu addımı atmaq vacibdir. Bu zaman insanlar bu qurumların xidmətlərindən daha rahat faydalana bilərlər.
Baxın, bizdə dövlət büdcəsindən hamiləliyə və doğuşa görə 22 milyon manat, uşağın anadan olmasına görə 5 milyon manat, dəfn üçün 13 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Çox sayda insan bu müavinətlərdən yararlana bilmir. Çünki bu müavinətləri vətəndaş ancaq müraciət elədikdə ala bilir. Müraciət eləmək isə bir bürokratik mexanizmdir. Vətəndaşa hörmət edən, qayğı göstərən ölkələrdə bu müavinətlər onların müraciətindən asılı olmayaraq hər bir kəsə verilir. Bizdə də dövlət aidiyyəti qurumlara qəti şəkildə tapşırıq verməlidir ki, sözügedən müavinətlər sahibinə çatdırılsın. Yəni məsələn, kimin dəfni varsa və bu barədə məlumat daxil olursa, həmin vəsait ona verilməlidir. Çünki burada görünməyən məsrəflər var. Ona görə də məncə, bu büdcənin artırılmasına ehtiyac var. Xüsusilə də Rusiyada hamiləliyə görə tətbiq olunan sistemin Azərbaycanda da tətbiq edilməsi vacibdir.
Mən maaşlarla bağlı məsələyə də toxunmaq istəyirəm. Bizdə Azərbaycan Respublikası Prezidentinin maaşı, tutaq ki, 15 min manatdır, qanunverici orqanın rəhbərinin maaşı 1900–2000 manata yaxındır. Ali Məhkəmənin və ondan sonra gələn qurumların rəhbərlərinin də maaşı bu istiqamətdə davam edir. Ancaq əslində, Prezidentin maaşının, heç olmasa, üçdə ikisi ondan sonra gələn qurumların rəhbərlərinə verilməlidir. Məncə, bu rəqəmlərdə diferensiasiyanı ortadan qaldırmalıyıq. Çünki əgər hakimiyyət bölgüsündən söhbət gedirsə, bu hökmən əmək haqlarında və başqa meyarlarda da nəzərə alınmalıdır.
Sosial müavinətlərlə də bağlı məsələyə toxunmaq istəyirəm. Dünyaya övlad gətirmək və ona baxmaq üçün çox böyük vəsait tələb olunur. Çünki xəstəxana xərcləri çox yüksəkdir. İnsanlar çox zaman daha keyfiyyətli xidmət üçün özəl xəstəxanalara müraciət etmək məcburiyyətdə qalırlar. Çünki heç kim dünyaya gələn övladının risklə doğulmasını istəməz. Ona görə də bu müavinətlərin artırılması vacibdir. Ümid edirəm ki, bu məsələyə diqqət yetiriləcək.
Ehtiyac meyarı ilə bağlı məsələyə də toxunmaq istəyirəm. 2014-cü il üçün ehtiyac meyarının həddi 100 manat məbləğində təsdiq edilib. Bir Türkmənistana baxın. Mən demirəm ki, Türkmənistan kimi olaq, əhaliyə hər şeyi pulsuz verək. Bu, doğru deyil. Bununla daha da tənbəlləşən bir cəmiyyət yaratmış olarıq. Amma bu qədər sərvət və gəlirlərin müqabilində aztəminatlı insanların vəziyyətini müəyyən dərəcədə düşünməliyik. Yaşayış minimumunun nəyini tərifləyirik?
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müəyyən olunmuş reqlamentlə gedirik, Fazil müəllim. Bir arayış verim. Fazil müəllim, siz Prezidentin maaşı haqqında fikir bildirdiniz, amma Prezidentin maaşı 15 mindən iki dəfə aşağıdır. Məsələ qaldıranda, xahiş edirəm, dəqiqləşdirin. Qənirə Paşayeva, buyurun.
Q.Paşayeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mən, təbii ki, Dövlət Sosial Müdafiə Fondunun bu büdcə layihəsini dəstəkləyirəm. Bu qurum bizim ən yaxşı fəaliyyət göstərən qurumlarımızdan biridir. Amma mən istərdim ki, Elman müəllim bir məsələyə aydınlıq gətirsin. Mən üç qanun layihəsi ilə bağlı çıxışa yazılmışdım, imkan olmadığına görə qaldı. Gəlirlərin artması çox gözəl haldır, amma bu gəlirlərin potensialı gerçəkdən bu qədərdir? Mən iki məsələyə toxunacağam. Fondun büdcəsini müzakirə ediriksə, bu məsələlərə diqqət yetirməliyik.
Birinci məsələ. Pensiyalarla bağlı fərdi uçot sisteminə keçmişik. Biz insanlarımızın gələcəyini düşünməliyik. İki gün bundan öncə mənim yanıma bir ailə gəlmişdi. İki övladı var, ikisi də özəl şirkətdə çalışır və əmək haqları təxminən 500 manatdan yuxarıdır. Ailə gəlib ki, onlara ipoteka krediti almağa kömək edim. Mən də bildirdim ki, rəsmi şəkildə yazışmağa dəstək göstərərəm. Ancaq onlar dedilər ki, Qənirə xanım, problem bilirsiniz nədədir? Onların hər ikisinin əmək haqqı rəsmi sənədlərdə təxminən 150 manat göstərilir. Şirkət ipoteka üçün verdiyi sənəddə də gerçək maaşı göstərmir. Mən bildirdim ki, başqa cür kömək edə bilmərəm, amma o şirkətin rəhbərinə zəng edərik ki, bu nə qanunsuzluqdur? Bu zaman ailə mənə yalvarmağa başladı ki, Qənirə xanım, siz zəng etsəniz, onların ikisini də işdən atacaqlar. Bizim uşaqlarımızın iş yerinə ehtiyacı var.
Ümumiyyətlə, bizim özəl sektorda çalışanların Dövlət Sosial Müdafiə Fonduna ödəmələrinin monitorinqi nəyi göstərir? Gerçəkdən də bu maaşların rəsmi sənədlərdə öz əksini tapması nə səviyyədədir? Belə məsələlər əmək müqavilələri ilə də bağlıdır. Görün nə qədər insan əmək müqaviləsi olmadan işləyir və onların əmək haqları sənəddə göstərildiyi kimi deyil. Yaxşı, bunlar gələcəkdə nə pensiya alacaqlar? Bu insanların pensiya sistemini biz dəyişmişik. Yəni kim nə qədər vəsait ödəyirsə, ona da uyğun pensiya alır. Ona görə də mən dövlət qurumlarının hamısından, o cümlədən Dövlət Sosial Müdafiə Fondundan xahiş edirəm ki, bu məsələ ilə bağlı bir araşdırma aparsınlar. Çünki Dövlət Sosial Müdafiə Fonduna ödəmələr də bu sahədə olan problemləri müəyyən mənada görməyə imkan verir. İnsanların əmək müqaviləsi olmadan çalışdırılması, əmək haqlarının rəsmi sənədlərdə doğru göstərilməməsi kimi halların qarşısının alınması hökumətimizin müvafiq qurumlar qarşısında qoyduğu ən önəmli vəzifələrdən biri olmalıdır. Çünki gələcəkdə çox sayda insanın həyatı böyük təhlükə altında ola bilər.
İkinci məsələ. Mən bu məsələni keçən dəfə də qaldırmışdım. Çox gözəl haldır ki, kart sisteminə keçmişik və pensiyaları kartla veririk. Amma xüsusilə kəndlərdə bankomat məsələsi hələ də problem olaraq qalır. Keçən dəfə bu məsələni qaldırdığım zaman vurğulandı ki, bankomatların sayı artırılacaq. Mən hesab edirəm ki, bankomatlarla bağlı tenderlərdə iştirak edən bankların sayını artırmaq daha yaxşı olardı. Çünki kənd yerlərində bankomatların sayı çox azdır. İnsanlar bəzən pensiyalarını almaq üçün on kilometrlərlə yol qət edərək rayon mərkəzinə gəlməli olurlar. Pensiya vaxtı növbələr yaranır, onlar çox çətinlik çəkirlər. Mən buradan həmin sektora da müraciət edirəm ki, bu məsələyə, insanlara xidmət sahəsinə diqqət artırılsın.
Yaşayış minimumu ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Ünvanlı sosial yardım çox önəmli bir məsələdir və dövlətimizin kasıb, yoxsul ailələrə göstərdiyi böyük diqqətdir. Amma ortada bir məsələ var. Ünvanlı sosial yardım o ailələrə verilir ki, qazancı ölkə üzrə yaşayış minimumundan aşağı olsun. Bu normaldır. Əgər ailədə əlil, xüsusilə I qrup əlil varsa, dövlət həmin ailəyə əlillik müavinəti verir ki, dərmanını alsın, ehtiyaclarını ödəsin. Amma biz əlillik müavinətini də ailənin qazancına daxil edirik və nəticədə onlar ünvanlı sosial yardım əldə edə bilmir. Mən xahiş edirəm ki, ünvanlı sosial yardımın təyini zamanı əlillərə verilən müavinətlərin ailənin qazancına daxil edilməməsi məsələsinə baxaq. Çünki özəlliklə I və II qrip əlillərin heç bir iş imkanları olmur. Onlar o vəsaiti ancaq ehtiyaclarını...
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. 2014-cü ilin dövlət büdcəsinə nəzər yetirdikdə görürük ki, hökumət hər il olduğu kimi yenə sosial yönümlü məsələlərə xüsusi diqqət ayırır. Bu da başa düşüləndir. Əlbəttə, biz yaşayış minimumu ilə bağlı rəqəmləri daha yüksək görmək istərdik. Mənim üçün bir məsələ aydın deyil. Əmək qabiliyyətli əhali və pensiyaçılar üçün təyin edilən yaşayış minimumları arasındakı fərq nəyə görə belə böyükdür? Məncə, bu kateqoriyadan olan insanların, pensiyaçıların yaşayış minimumunun həcmi, heç olmasa, bir az artırılmalıdır. Çünki bilirsiniz ki, pensiyaçılar, adətən, bütün pensiyalarını dava-dərmana sərf etməli olurlar. Belə olan halda bu cüzi vəsait onların nəyinə çatacaq?
Mən başa düşürəm ki, biz bu məsələlərə reallıqla yanaşmalıyıq. Hörmətli Hadi müəllim də bu məsələyə toxundu. Çünki doğrudan da, Dövlət Sosial Müdafiə Fondu təqaüdləri və digər müavinətləri ancaq o zaman artıra bilər ki, onun büdcəsində gəlirlər artsın. Doğrudur, artır, amma kifayət qədər deyil. Ona görə də mən Qənirə xanımın, Hadi müəllimin səsləndirdiyi fikirlərə qoşularaq demək istəyirəm ki, iqtisadiyyatımızın da əsas problemi bu qanuni gəlirlərin artımı ilə bağlıdır. Mən deyərdim ki, Azərbaycanda təkcə özəl şirkətlərdə yox, bütün məişət, xidmət sahəsində işləyən insanların əksəriyyəti əmək müqaviləsi olmadan işləyir. Bunlar tikinti şirkətlərində, supermarketlərdə, şadlıq saraylarında, evdə çalışan şəxslərdir. Qeyri-rəsmi statistikaya görə onların sayı yüz minlərlədir. Ona görə də aidiyyəti qurumlardan çox xahiş edərdim ki, bu böyük işçi qüvvəsinin vergi və sosial sığorta ödəyicisinə çevrilməsi üçün bütün lazımi hüquqi tədbirləri görsünlər. Bunun nəticəsində ölkənin büdcəsinə daxilolmalar kəskin surətdə arta bilər.
Bildiyiniz kimi, ölkə rəhbəri cənab İlham Əliyev hər zaman çalışır ki, əhalinin məişət şəraiti yaxşılaşdırılsın, sosial problemlər kökündən həll edilsin, yaşayış minimumu təmin edilsin, ölkədə yoxsulluq aradan qaldırılsın. Bizim bu sahədə uğurlarımız şübhəsizdir. Ona görə hesab edirəm ki, bir sıra təbəqələr, məsələn, gənc ailələr, çoxuşaqlı analar, dünyaya yenicə göz açan uşaqlar və sair üçün çox geniş sosial proqramlar işlənib hazırlanmalıdır. Mənə elə gəlir ki, bu sahədə artıq yeni modelin tətbiq edilməsi vaxtı çatıb. Məsələn, Norveç, İsveç, Finlandiyada bu modeldən səmərəli istifadə edirlər. Bilirsiniz ki, orada həm yetkinlik yaşına çatmayan uşaqlar, həm də təqaüdçülər hər baxımdan dövlət tərəfindən təmin olunurlar. Ona görə də istərdim ki, yaxın illərdə sosial sahədə böyük sıçrayış edək. İki il qabaq pensiya islahatında belə bir sıçrayış etmişdik. Biz bu il olmasa da, gələn il infrastruktur layihələrinə, tikinti işlərinə ayrılan vəsaiti azaltmaq, qeyri-leqal işçi qüvvəsinin gəlirlərini dövlət qeydiyyatına alaraq vergiyə cəlb etmək və ən əsası da dövlət səviyyəsində görülən genişmiqyaslı layihələri yüksək keyfiyyətlə icra etmək hesabına belə bir sıçrayışa nail ola, sosial yönümlü tədbirləri genişləndirə bilərik. Xahiş edirəm, bu təkliflərimi nəzərdən keçirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, sizinlə bir məsələni müzakirə etmək istəyirəm. Bizim gündəlikdə iki məsələmiz qalıb, onlar da irihəcmli məsələlər deyil. Etiraz etmirsinizsə, tənəffüssüz işləyək. Etiraz edən yoxdur?
Yerdən.
(Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, vaxtdan qənaətlə və səmərəli istifadə edək. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, hökumət nümayəndələri! Mən deputat həmkarım Fazil Mustafanın Dövlət Sosial Müdafiə Fondu ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin birləşdirilməsi barədə təklifini dəstəkləyirəm. Biz də çalışmalıyıq, hökumət də çalışmalıdır ki, idarəetmə aparatı, bürokratik aparat maksimum dərəcədə yığcam olsun.
Mən əvvəllər də söyləmişdim ki, yaşayış minimumu və ehtiyac meyarı anlayışları birləşdirilməlidir. Hökumət üzvləri burada hər il rəqəmlər açıqlayırlar ki, son 5 ildə 1 milyondan artıq yeni iş yeri açmışıq. Yeni iş yerləri açılıbsa, bu, sözsüz ki, ünvanlı sosial yardım alanların sayında özünü ciddi şəkildə göstərməlidir. Amma çox təəssüf ki, ildən-ilə ünvanlı sosial yardım alanların sayı azalmır, əksinə, artır. Buna bir aydınlıq gətirilməlidir.
Deputat həmkarım Fazil Mustafa Prezidentin maaşı ilə bağlı fikir söylədi. Ziyafət müəllim, Siz, yəqin, eks-prezidentlərlə Prezidentin maaşını səhv saldınız. Eks-prezindentlər 7500 manat alır, Prezidentin maaşı isə 15000 manatdır. Hesab edirəm ki, hakimiyyətin digər qanadları olan məhkəmə hakimiyyətinin və qanunverici hakimiyyətin başında duranlar da həmin maaşın, heç olmasa, 60 faizi, yəni 10000 manat məbləğində maaş almalıdırlar. Bu çox ədalətli və normal olar. Ölkədə hakimiyyət bölgüsü prinsipi mövcuddur. Prezident dövlətin başçısıdır, ona görə də çox maaş almalıdır.
Yeri gəlmişkən söyləyim ki, Sinqapurda korrupsiyaya qarşı mübarizədə birinci addım məmurların, xüsusilə də yüksək vəzifəli şəxslərin maaşlarının kəskin şəkildə artırılması oldu. Sinqapur qısa müddətdə üçüncü dünya dövlətindən inkişaf etmiş dövlətlər sırasına yüksəldi və korrupsiyanın səviyyəsinə görə bu gün dünyada ən aşağı yerdədir. Düşünürəm ki, hökumət üzvləri bu təklifi də nəzərə alsalar, yaxşı olar.
Yoxsulluqla bağlı məsələyə gəldikdə isə Ziyafət müəllim, onsuz da yaşayış minimumu ilə ehtiyac meyarı arasında 25 manat fərq var. Ona görə ehtiyac meyarı məsələsini gündəmdən çıxarmalıyıq. Hansı ailənin qazancı ölkə üzrə yaşayış minimumundan aşağıdırsa, onlar ünvanlı sosial yardım almalıdırlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən qısaca olaraq bir məsələyə toxunmaq istərdim. Bu gün Azərbaycanda 18 yaşına çatmamış, yəni 18 yaşına qədər olan I qrup əlil uşaqlara xidmət edən şəxslər, təəssüflər olsun ki, pensiya təminatından tam şəkildə yararlana bilmirlər. Çünki bunun üçün mövcud qanunvericiliyə əsasən onlardan sığorta stajı tələb edilir. Sığorta stajı isə bir çox hallarda olmur. Təsəvvür edin ki, 30 il, 40 il ərzində I qrup əlilə xidmət edən şəxs, – bu onun valideyni, yaxını ola bilər, – dövlət qayğısı ilə əhatə olunmur. Mən hesab edirəm ki, bu çox aktual bir problemdir və aidiyyəti orqanlar bunu nəzərə almalıdır.
Hesab edirəm ki, “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində müvafiq dəyişikliklər aparılmalı və bu problem aradan qaldırılmalıdır. Bu yaxınlarda həm Şirvanda, həm də ayrı-ayrı bölgələrdə I qrup əlil uşaqların valideynləri bu problemlə bağlı mənə müraciət etmişdilər. Bu məsələnin bütövlükdə həll olunması dövlətimizin sosial sahədə həyata keçirdiyi humanist siyasətin bir növ davamı olardı. Ona görə də mən həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən, həm də Maliyyə Nazirliyindən bu məsələnin həllinə diqqət ayırmalarını xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ceyhun Osmanlı.
C.Osmanlı. Təşəkkür edirəm, Ziyafət müəllim. Qısa bir təklif vermək istəyirəm. Müəllimlər, həkimlər mütəmadi olaraq attestasiyadan keçirilir. Ümumiyyətlə, ayrı-ayrı illərdə əlillik dərəcəsi almış və bu gün əlillik müavinətlərindən bəhrələnən əlillərin də bir növ attestasiyadan keçirilməsinə və təkrar yoxlanılmasına, əlillik dərəcələrinin bir daha nəzərdən keçirilərək korrektə olunmasına ehtiyac var.
İkinci bir məsələ. Sosial müavinət istəyənlərin sayı təbii olaraq il-ildən artacaq. Hətta bu yaxınlarda rayonların birində maraqlı söhbətin şahidi oldum. Buna cehizin tərkib hissəsi kimi tələb qoyublar ki, ailədə mütləq o kartdan olmalıdır. Bunu istəyənlərin sayı durmadan artacaq. Amma yaxşı olar ki, gələcək illərdə müavinətlərin bir növ mahiyyətində dəyişikliklər olsun. Deyək ki, kənd yerində bir ailə imkansızdırsa, aztəminatlıdırsa, büdcəyə yük olaraq durmadan müavinət alanları çoxaltmaq əvəzinə bəlkə onlara müəyyən bir qazanc yeri əldə etməkdə, məsələn, heyvandarlıq və sair sahələrdən gəlir götürməkdə dəstək olsaq, daha yaxşı olar. Bir növ durmadan balıq vermək əvəzinə balıq tutmağı öyrətmək daha yaxşı olardı. Çünki əks təqdirdə müavinət istəyənlərin sayı il-ildən çoxalacaq və təbii olaraq, büdcə yükü də çoxalacaq. Məncə, bu təklifin də gözdən keçirilməsi yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, biz gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikası Milli Məclisinin 2014-cü il üçün xərclər smetası haqqında Milli Məclisin İşlər müdiri Firudin Hacıyev məlumat verir. Buyurun, Firudin müəllim.
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində Milli Məclisin və onun Aparatının saxlanması üçün 19 milyon 102 min 998 manat vəsait nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir.
Milli Məclisin və onun Aparatının 2014-cü il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir. Xərclər smetasının ümumi dəyərinin 66,8 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclis deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artmışdır. Bununla bağlı 2014-cü ilin xərclər smetasının “Ezamiyyə xərcləri” köməkçi bölməsi üzrə 1 milyon 478 min 900 manat məbləğində vəsaitin ayrılması nəzərdə tutulmuşdur.
Diqqətinizə çatdırmaq istəyirəm ki, rabitə xidmətləri haqqının ödənilməsi ilə əlaqədar olan xərclər yarımmaddəsi üzrə 240 min manat məbləğində vəsaitin ayrılması planlaşdırılmışdır. Qeyd olunan vəsaitdən 48 min 174 manat Milli Məclisə xidmət edən rabitə təşkilatlarına abunə haqqının ödənilməsi üçün tələb olunur. Bundan başqa, 121 min 826 manat beynəlxalq və ölkədaxili telefon danışıqlarının, 70 min manat isə internet və poçt xidmətlərinin ödənilməsi üçün nəzərdə tutulmuşdur.
Bildirmək istəyirəm ki, 2014-cü ilin xərclər smetasının “Qeyri-maliyyə aktivlərinin alınması” maddəsi üzrə nəzərdə tutulmuş vəsait 2013-cü illə müqayisədə eynidir. Bu maddə üzrə cəmi 400 min manat məbləğində vəsait nəzərdə tutulmuşdur. 2014-cü ilin xərclər smetasında dəftərxana, təsərrüfat, mətbəə və idarənin digər xərcləri üçün nəzərdə tutulmuş vəsait 2013-cü ildəki ilə eynidir. “İstehlak mallarının və materiallarının alınması” köməkçi bölməsi üzrə isə 58 min 325 manat vəsait artırılmışdır.
2014-cü ilin xərclər smetasında “Yanacaq və sürtgü materiallarının alınması” və “Nəqliyyat xidmətləri haqqının ödənilməsi” yarımmaddələri üzrə cəmi 542 min 641 manat vəsait nəzərdə tutulmuşdur.
Nəzərinizə çatdırmaq istəyirəm ki, 2014-cü ilin xərclər smetasında “Nəqliyyat vasitələrinin alınması” maddəsi üzrə vəsait nəzərdə tutulmamışdır.
Bundan başqa, Milli Məclisin avtoparkına 2003–2006-cı illərdə müxtəlif markalı avtomaşınlar alınıb istismara verilmişdir. Bu gün uzunmüddətli istismar nəticəsində göstərilən bir sıra avtomaşınların istismara yararsız hala düşməsi səbəbindən yenisi ilə əvəz olunması tələb olunur. 2013-cü ildə Milli Məclisin avtoparkına müxtəlif markalı minik avtomaşınları və avtobus alınıb istifadəyə verilmişdir.
Qeyd etmək istəyirəm ki, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və onlara göstərilən sair xidmətlər üçün “Digər alış və xidmətlər” yarımmaddəsi üzrə 2014-cü ildə 850 min manat, bundan başqa, “İdarənin digər xərcləri” maddəsi üzrə 302 min 400 manat, “Elektrik enerjisi haqqının ödənilməsi” paraqrafına 290 min manat vəsait ayrılması nəzərdə tutulmuşdur.
Hörmətli Samir müəllim! Göstərilən bəzi maddələr üzrə vəsait çatışmazlığını nəzərə alaraq, 2014-cü ilin xərclər smetasında “Cari təmir” üçün 50 min manat, “Avadanlığın alınması” yarımmaddəsinə 100 min manat, “Digər alışlar və xidmətlər” yarımmaddəsinə 80 min manat, “Digər təqaüdlər (fəxri adlara görə)” maddəsinə 2 min manat, “İcarə və muzdlu xidmətlər” paraqrafına 270 min manat, Milli Məclisin avtoparkının maddi-texniki bazasının yaxşılaşdırılması məqsədi ilə yeni avtomaşınların alınması üçün “Nəqliyyat vasitələrinin alınması” maddəsinə 350 min manat, iclas zallarında quraşdırılmış bəzi avadanlıqların analoq sistemindən rəqəmsal sistemə keçirilməsi üçün “Digər maşın və avadanlıqların alınması” maddəsinə 100 min manat vəsaitin əlavə olunmasına köməklik göstərməyinizi Sizdən xahiş edirəm.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin Sərəncamı ilə Milli Məclisin inzibati binalarında təmir, avtoparkında yenidənqurma işlərinin aparılması üçün lazımi vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Milli Məclisin avtoparkının bir hissəsi tam sökülərək yerində 80–100 avtomaşının saxlanması, maşınlara texniki xidmətlərin göstərilməsi üçün sahəsi 3000 kvadratmetr olan ikimərtəbəli bina tikilib istifadəyə verilmişdir.
Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binasında, iclas zallarında, həyətyanı sahəsində və avtoparkında yenidənqurma işləri mütəmadi olaraq bu gün də davam etməkdədir.
Hörmətli sədarət, hörmətli deputatlar! 2014-cü ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2014-cü il üçün xərclər smetası layihəsinin təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun, Firudin müəllim, təşəkkür edirəm. Qərar layihəsi ilə bağlı Bahar xanım Muradova çıxış eləmək istəyir. Buyurun, Bahar xanım.
B.Muradova, Milli Məclis Sədrinin müavini.
Çox təşəkkür edirəm, Ziyafət müəllim. Artıq üç gündür ki, biz ən müxtəlif məsələlərlə bağlı çıxışları dinləyirik. Bu üç gün ərzində büdcə müzakirələrindən daha çox nəzərəçarpacaq dərəcədə fərqli bir müzakirə gedir. Bu büdcədə nəzərdə tutulan məsələlər, onların həyata keçirilməsi perspektivləri, bu və ya digər problemlərin həlli üçün hökumətin gördüyü və görəcəyi işlərlə bağlı daha az tənqidi fikirlər səsləndi. Mən hesab edirəm, builki büdcənin, büdcə müzakirələrinin əsas məziyyətlərindən biri də məhz budur ki, hər şeyə tənqidi yanaşan, hər bir sözə, hər bir fikrə zərrəbinlə yanaşaraq öz seçicilərinin problemlərini həll etmək istiqamətində ən tənqidi çıxışlar edən millət vəkilləri belə daha bundan vaz keçirlər. Çünki artıq bir çox məsələlər büdcənin özündə nəzərə alınıb və bu, hökumət tərəfindən aparılan işlərdə, konkret nəticələrdə özünü göstərir.
Amma mən bu gün bizim hamımızı, bütün millət vəkillərini düşündürən bir məsələyə münasibət bildirmək istəyirəm. Hesab edirəm ki, bu fikirlərimdə sizinlə şərik olduğumu göstərəcəyəm. Ona görə ki, bu fikirlərim məhz elə sizin bir çoxlarınızın mənə söylədiyi fikirlər əsasında formalaşıb.
Biz Milli Məclisin Sədri Oqtay müəllimin və ölkə Prezidentinin dəstəyi və qayğısı ilə yeni bir institut – deputat köməkçiləri institutu yaratdıq. Bu institut artıq özünün konkret müsbət nəticələrini verməkdədir. Elə burada tənqidi fikirlərin az olmasının bir səbəbi də dairələrdə deputat köməkçilərinin işləməsi və bu iş sayəsində çox problemlərin yerlərdə aradan qaldırılmasıdır.
Amma mən inanıram ki, deputatların qərargah və nəqliyyat vasitələri ilə təminat məsələsi, köməkçilərin fəaliyyətindəki bir sıra problemlər bizim hər birimizi narahat edir. İndi Oqtay müəllim burada yoxdur. Biz öz aramızda dəfələrlə bu söhbətləri edirik və çıxış yollarını arayırıq ki, görək bunları ölkənin mövcud iqtisadi imkanları çərçivəsində necə həll edə bilərik, bu məsələləri qaldırmaq bu gün nə dərəcədə doğrudur. Amma bu gün mən bunu stenoqram üçün etmək istəyirəm. Çünki öz aramızda danışmaq öz yerində, amma bu zalda danışılanlar mütləq müvafiq qurumların diqqətinə çatır və stenoqramda öz əksini tapır.
Mən hesab edirəm ki, bu gün Azərbaycanda hökumətin ayrıca bir qanadı kimi Milli Məclisin özünə məxsus, onun balansında olan ofislər olmalıdır. Mənə elə gəlir, bu fikri təsdiq edirsiniz. Qanunvericilikdə icra orqanlarının millət vəkillərini deputat qərargahı ilə, telefon xidməti ilə təmin etməsi müəyyən mənada nəzərdə tutulub. Amma bunun icrasındakı problemlər bir bizə bəllidir. Biz bilirik ki, burada hansı çətinliklərlə üzləşirik.
Bu gün bir çox millət vəkillərinin belə bir arqumenti səslənə bilər ki, millət vəkillərinin bir çoxu tutduqları vəzifəyə, yaxud hansısa başqa məsələlərə görə bu və ya digər imkanlara malikdir və onlar öz problemlərini özləri həll edə bilərlər. Amma mən düşünürəm ki, biz bu məsələyə belə yanaşmamalıyıq. Bu gün məhz Azərbaycan dövləti, inkişaf etməkdə olan dövlətimiz tərəfindən qanunvericilik hakimiyyətinin və onun üzvlərinin qanunla nəzərdə tutulmuş təminatlarının yerinə yetirilməsi məsələsindən söhbət gedə bilər.
Ona görə də mən belə bir təklif irəli sürürəm ki, heç olmasa, – hökumət üzvləri burada yoxdur, amma mən inanıram ki, onlara çatacaq, – yerlərdə Milli Məclisin özünə məxsus mülkiyyəti və hər bir deputatın hər bir konkret dairədə qərargahı olmalıdır. Bu gün rayonlarda o qədər böyük quruculuq işləri gedir və o qədər yeni tikililər, inzibatı binalar yaranır ki, onların fonunda hər bir millət vəkili üçün 2-3 otaqdan, bir qəbul otağından və köməkçi otaqlardan ibarət bir qərargahın olması, hesab edirəm ki, heç də böyük məsrəf tələb etmir. Biz bunun hökumətin bir layihəsi kimi həyata keçirilməsinə, ya Milli Məclisin, ya da rayon icra hakimiyyətlərinin vasitəsilə hər bir deputat üçün hər dairədə bir ofisin tikilməsi işinə nail olmalıyıq. Mən bu məsələni qaldırıram və ölkə Prezidentinə müraciət edirəm ki, bu məsələdə bizə dəstək versin.
Mən bunun layihəsini işləmək, hansı qaydada, hansı miqdarda həyata keçirilməsi işini layihələndirmək üçün bu il düşünməyi təklif edirəm. Biz bunu qarşıdakı illərdə həyata keçirə bilərik. Ən azı 2015-ci ildən sonrakı çağırış millət vəkillərinin işləmək üçün yerlərdə müvafiq qərargahlarının olmasını biz təmin etməliyik.
İndi bu qərargahlar ya ayrı-ayrı idarələrdə verilmiş bir otaqdan, ya da Yeni Azərbaycan Partiyası üzvlərinin həmin təşkilatın qərargahında onlara ayrılmış bir otağından ibarətdir. Bəzi millət vəkilləri isə özlərinin şəxsi mülkiyyətində olan qərargahlara malikdirlər. Bu qərargahların saxlanması var, təhlükəsizliyi var, dəftərxana xərcləri var. Bu qərargahdakı personalın saxlanması var. Seçicilərin orada qəbulu var. Bu qərargahda qaldırılan məsələlərin aidiyyəti qurumlara çatdırılması var. Bunların qanuni hüquqi müstəvidə həlli məsələsi var. Burada o qədər məsələlər meydana çıxır ki, bunu millət vəkilinə ayrılmış bir müavinət çərçivəsində həll etmək mümkün deyil. Bunun bir hüquqi əsası da yoxdur ki, biz o müavinəti necə xərcləyirik.
Mən hesab edirəm ki, bu müavinətin miqdarı bu gün söhbət mövzusu deyil. Sadəcə, o müavinətin ayrı-ayrı istiqamətlər üzrə necə xərclənməsini müəyyən etmək üçün hesabatlılığın təmin edilməsi lazımdır. Bu gün Azərbaycan hökuməti bizə müəyyən miqdarda vəsait ayırır ki, deputat fəaliyyətini həyata keçirək. Kimisi onu nəqliyyat xərci kimi, kimisi qarşısını kəsən, ehtiyacı olan insanlara yardım kimi, kimisi də bir başqa cür istifadə edir. Amma biz bu barədə hesabat vermirik.
Millət vəkilinin nəqliyyat vasitəsi yoxdur. O ya sürücü tutmaqla öz maşınından istifadə etməli, ya da nəqliyyat vasitəsi olan bir nəfəri sürücü tutmalıdır. Amma hansı əsasla? Bunun hüquqi əsası yoxdur. Biz bu sürücü ilə əmək müqaviləsi bağlamırıq. Bizə xidmət edən sürücülərin sosial hüquqları pozulur və onlar heç bir sosial ödəmələr... Mən çox istərdim ki, Səlim müəllim məni dinləsin. Əgər buradadırsa...
Yerdən. (Eşidilmir.)
B. Muradova. Yoxdur? Dediyim odur ki, bu sürücü ilə bağlı sosial ödəmələr həyata keçirilmir, bu insanın gələcək təqaüd məsələləri həll olunmur. Xəstələndiyi halda problemləri, qəza keçirəcəyi təqdirdə sığortası, başqa problemləri həll olunmur. Onun ailəsi və digər məsələlər – bütün bunlar problemdir. Mən düşünürəm ki, bu problemi yüksək səviyyədə həll etmək lazımdır. Elə təkcə Oqtay müəllimdən ona müəyyən vəsait ayrılmasını xahiş etməklə bunu həyata keçirmək mümkün deyil.
Mən hesab edirəm ki, – bu mənim öz təşəbbüsümdür, mən heç kimlə bununla bağlı heç bir müzakirə aparmamışam və öz təşəbbüsümlə Milli Məclisə və onun rəhbərliyinə kömək etmək istəyirəm, – bizim qərargahların hazırda şəxsi mülkiyyətə aid olması və yaxud başqa bir dövlət təşkilatının binasında yerləşməsi bölgələrdə bizi qonaq qismində tanıdır. Bu gün gənclər mərkəzində yerləşən deputat ofisini sabah idman idarəsinə köçürürlər və yaxud bu idarədə həyata keçirilən telefon danışıqlarının bütün nömrələr üzrə haqqı ödənilir, deputatın otağındakı ödənilmir. Məsələ onda deyil ki, o çoxdur və ya azdır. Sadəcə olaraq, bu telefon ödəmələrini həyata keçirməyin rəsmi yolu tapılmalıdır.
Ziyafət müəllim, mən çox xahiş edirəm, vaxtı bir az artırıb fikrimi bitirməyimə imkan verəsiniz. Bütün bunlar bizi çox pis və ağır vəziyyətdə qoyur. Hətta bəzi hallarda deputatın köməkçisi əşyaları qoltuğunda küçələri gəzməli olur. İcra orqanları rəhbərlərinin xoşuna gəlsə də, gəlməsə də, mən bunu deyəcəyəm. Çünki artıq mənim səbrim daşıb. Yəqin ki, sizin aranızda da səbri daşanlar olur. Əgər biz bu gün bütün il ərzində ölkənin və yerlərdə seçicilərimizin rastlaşdığı problemlərin həllində yaxından iştirak edə biliriksə, özümüzün cüzi bir problemimizi həll edə bilmərikmi?
Mən hesab edirəm ki, bizim bu məsələni qaldırmamağımız çox zaman ictimai məsələni öndə tutmağımızın nəticəsidir. Bunu indiyə kimi burada heç kim etmirdi. Sadəcə, öz aramızda danışırdıq. Mən bunun bütün məsuliyyətini, müsbət və mənfi nəticələrini öz üzərimə götürüb bunları söyləmək qərarına gəldim və hesab edirəm ki, bu fikirlər də müəyyən mənada nəzərə alınacaqdır. Üstəlik, hətta müavinət məsələsini mən dedim, cüzi müavinətlərin xərclənməsi, filan.
İndi də köməkçi ilə bağlı məsələyə keçirəm. Bizim köməkçimiz yalnız maaş alır. Onun da nəqliyyat problemləri var. Onun Bakı ilə rayon arasında hərəkətini təmin etmək üçün müəyyən xərcləri çıxır. O bunu ya öz nəqliyyat vasitəsi ilə, ya ictimai nəqliyyatla edir, ya da bizim ona etdiyimiz müvafiq köməyin nəticəsində həyata keçirir. Amma bunların da heç bir hüquqi əsası yoxdur. Ezamiyyə ilə bağlı Bakıya gəlməsi, başqa rayonlara getməsi... Məsələn, mənim seçicilərim 60 rayonda məskunlaşıblar. Mən bir problem olduğu təqdirdə nəyin bahasına olursa-olsun köməkçini bu rayonlara göndərirəm. Deyirəm ki, get, yerindəcə bax, tanış ol və sair.
Bu məsələnin digər tərəfləri də var ki, bunlar da nəzərə alınmalıdır. Mən hesab edirəm ki, biz bu köməkçinin fəaliyyəti üçün ya hansısa bir əlavə müavinət nəzərdə tutmalıyıq, ya da mövcud müavinətin çərçivəsində ona ayrılan hissəni müəyyənləşdirməli və digər parlamentlərdə olduğu kimi, konkret hesabatlılığı təmin etməliyik.
Bütün bunları söyləməklə mən sizin hamınızın düşüncələrinizi bir araya gətirib Azərbaycan hökumətinə, Maliyyə Nazirliyinə, ölkə rəhbərliyinə müraciət ünvanlayaraq onları qarşıdakı illərdə bu problemləri həll etməyə və Milli Məclisin – Azərbaycan hakimiyyətinin bir qanadı olan qanunvericilik orqanının ən ucqar dairələrdə belə fəaliyyətini həyata keçirməsi üçün lazımi imkanların yaradılmasına kömək etməyə çağırıram.
Firudin müəllim Milli Məclisin 2014-cü il xərclər smetasını təqdim etdi. Bu smetadakı məsələlərə bir o qədər aidiyyəti olmasa da, bizim ümumi fəaliyyətimizə aidiyyəti olduğu üçün mən çox xahiş edirəm, aidiyyəti qurumlar bu məsələ ilə əlaqədar bizə köməklik etsinlər. Təşəkkür edirəm, Ziyafət müəllim, səbrinizə və dözümünüzə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Bahar xanım. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, Bahar xanım, çünki ürəyimizdəki sözləri Siz dediniz. Ürəyimiz birdir, elə mən də çıxışımın yarısını buna həsr eləmək istəyirdim. Siz mənim demək istədiyim sözləri dediniz. Buna görə biz Sizə təşəkkür edirik. Çox vaxtında olan təkliflərdir. Biz ikiəlli səs veririk, qəbul edirik.
Mən bu problemlə yanaşı, bir məsələni də qeyd etmək istərdim. Biz hər zaman müəllim və həkimlərin, yerli icra hakimiyyəti orqanlarında çalışanların və sair işçilərin əmək haqlarından danışırıq. Amma Milli Məclisin özünün əməkdaşlarını unuduruq. Onların vəzifə maaşları ilə bağlı, demək olar ki, heç vaxt danışmırıq. Nə isə utanırıq. Mən özümüzü nəzərdə tutmuram. Milli Məclisin sıravı əməkdaşlarının əmək haqqından söhbət gedir. Bildiyimiz kimi, “Dövlət qulluğu haqqında” Qanuna edilən 2012-ci il 20 aprel tarixli dəyişikliyə görə Milli Məclisə ali kateqoriya dövlət orqanı statusu verilib. Amma buna baxmayaraq, artıq neçə illərdir ki, Milli Məclisin əməkdaşlarının məvacibində heç bir artım yoxdur. Halbuki müxtəlif dövlət orqanları əməkdaşlarının əmək haqları ayrı-ayrı vaxtlarda bir neçə dəfə artırılıb.
Bahar xanım çox düzgün olaraq çıxışında deputat köməkçilərini xüsusi vurğuladı. Çünki deputat köməkçiləri işə götürülərkən, – hörmətli Səfa müəllim də, Oqtay müəllim də sağ olsunlar, – bu şəxslər haqqında məlumatlar xüsusi incəliklə ətraflı araşdırılır. Biz onları yalnız bundan sonra vəzifəyə gətiririk. Halbuki bu şəxslər, eləcə də Milli Məclisdə işləyən digər əməkdaşlar arasında ali təhsil ocaqlarını yüksək göstəricilərlə bitirmiş, bir neçə xarici dil bilən, xarici təhsil ocaqlarında təhsil almış, hətta alimlik, professor elmi dərəcəsi olan yüksək intellekt və mədəniyyət sahibi insanlar da var. Ona görə mən Bahar xanımın dediklərinə qoşularaq və bir az da irəli gedərək hesab edirəm ki, deputat köməkçilərinə də hər hansı bir xüsusi status verilməli, deputat köməkçisi institutu inkişaf etdirilməlidir.
Söhbət nədən gedir? Hazırda biz onlara 550 manat maaş veririk. 5 il ərzində dövlət hər bir köməkçiyə 30–40 min manat pul xərcləyir. Müxtəlif proqramlar çərçivəsində onları xarici ölkələrdə və ölkə daxilində keçirilən təlimlərdə püxtələşdirir, yüksək ixtisaslı peşəkar kadrlar yetişdiririk. Sonradan nə olur? 5 ildən sonra həmin deputat seçilmədikdə deputat köməkçisi işsiz qalır. Bax əsas problem də budur. Milli Məclis bu peşəkarları əldən buraxmamalıdır. Məncə, bu, həqiqətən, kadr siyasəti baxımından böyük problemdir. Mən çox xahiş edərdim ki, müvafiq dövlət qurumları bu məsələyə də baxsınlar və heç olmasa, bu 5 il – onların deputat köməkçisi vəzifəsində işlədiyi müddət dövlət qulluğu kimi hesab edilsin.
Bahar xanım çox gözəl dedi. Mən də burada yazmışam ki, deputat köməkçisi rayonda da olsa, mütəmadi qaydada telefon vasitəsilə gündə ən azı bir 50 zəng vurur, insanlarla görüşür, kəndləri bir-bir gəzir, bura gəlir. Məsələn, mən bilirəm ki, köməkçimin maaşından 200 manata qədər pul qalırsa, çox gözəldir. Doğrudan da, biz şəxsi köməkliyimizi edirik. Təbii ki, 200 manatla yaşamaq mümkün deyil. Ona görə doğrudan da, bu köməkçilərə, heç olmasa, 200–300 manat məbləğində hansısa bir əlavə vəsait ödənilsə, yaxşı olar.
Ofislərdə biz telefon pullarını da özümüz ödəyirik. Doğrudan, maşınlarımızı biz özümüz... Bizə ayrılan müavinət, əlbəttə ki, çatışmır. Mən çox xahiş edərdim ki, biz bu il olmasa da, gələn il deputat köməkçilərinin və bütün Milli Məclis əməkdaşlarının vəzifə maaşlarının artırılması məsələsinə baxaq və heç olmasa, gələn il bunu mütləq həll edək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Çox sağ olun, Ziyafət müəllim. Mən bütün millət vəkilləri adından deyə bilmərəm, amma bizim “məhəllə”nin deputatları adından Bahar xanıma xüsusi təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən, ürəyimizdən keçən və bayaqdan elə deməyə hazırlaşdığımız sözləri dedi. Ona görə də bu çıxışa xüsusi bir şərhimiz yoxdur. Nöqtə-vergülünə qədər təsdiqləyirik. Çox yerində bir təşəbbüsdür.
Burada bir məsələyə faktoloji tərəfindən toxunmaq istəyirəm. Beynəlxalq Əmək Təşkilatının müəyyən elədiyi orta əmək haqqı dünyada 1480 dollardır. Bizim əmək haqqımız isə 1365 manatdır. Bizə deputatlıq fəaliyyətinə görə ayrılan vəsait təxminən bunun yarısı qədərdir. Bəlkə biz daha çox bu yolu seçə bilərdik ki, deputatlıq fəaliyyətinə ayrılan vəsaiti əmək haqqı səviyyəsinə qaldıraq. Çünki əks halda... Təbii, biz müəyyən məsələləri də nəzərə almalıyıq. İşsiz əhali var, aztəminatlı əhali var. Təbliğatda, başqa məsələlərdə müəyyən problemlər yaranır. Anlayırıq. Amma fəaliyyət göstərmək üçün mütləq deputatlara dəstək verilməlidir.
Mən bir nümunə demək istəyirəm. 8 ildir millət vəkiliyəm. Bakıxanov qəsəbəsindən seçilmişəm. Qəsəbədə bir mədəniyyət sarayı vardı. Müdirindən xahiş eləmişdim, orada mənə qeyri-rəsmi olaraq iki otaq ayırmışdı. Əhalini həftədə bir gün qəbul edirdim və həftənin qalan günləri də köməkçilərim orada otururdu. Telefon var idi, insanlar müraciət edən kimi onlar dərhal o ərazidə gedib məsələlərə baxırdılar. 8 ay öncə həmin mədəniyyət sarayı bir balansdan başqa balansa keçirildi, təmirə verildi. İndi də bəlkə sökülmə problemi var. 8 aydır, mən qəsəbədə heç kimi qəbul edə bilmirəm. Zəng vururlar, deyirəm, gəlin Milli Məclisə. O qədər uzaq məsafədən Milli Məclisə gəlirlər. Partiya qərargahı da seçki dairəmdən uzaqdır. Mən vətəndaşdan xəcalət çəkirəm. Hər dəfə də üzr istəyirəm ki, mən sizi qəbul edə bilmirəm.
Ola bilsin, çox problemləri həll edə bilmirəm. Amma insandır, müraciət edəndə, heç olmasa, bir xoş söz ilə yola salırsansa, ən azı ərizəsini yazmaqda ona kömək edə bilirsənsə, bu, Milli Məclisin nüfuzudur da, təkcə deputatın nüfuzu deyil ki. Ən azı cəmiyyətdə Milli Məclisə olan sayğını artıran bir amildir. Ona görə bu məsələ üzərində ciddi düşünmək lazımdır.
Bir sot, iki sot torpaq sahəsi ayırmaq mümkün olmur ki, bunu dövlət tiksin, qalsın növbəti deputata. Bəlkə gələn dəfə mən olmayacağam, ya siz olmayacaqsınız, başqası olacaq. Allah eləsin, millət vəkilləri hamısı təkrar seçilsin. Söhbət ondan gedir ki, qanunverici orqanın nüfuzunu qaldırmağın yollarından biri budur. Hər bir təşkilat, hər bir nazirlik birinci növbədə öz nüfuzu barədə düşünür. Milli Məclis yeganə təşkilatdır ki, öz nüfuzu ilə bağlı hər şeyi arxa planda saxlayır. Bu nə qədər olar?
Benzin xərcləri deyirsiniz. Nəqliyyatı özümüz idarə edirik, heç sürücü də tutmuruq. Mən nəqliyyatımı özüm idarə edirəm. Allaha şükür, dolanışığımız pis deyil, şikayətlənmirəm. Hər kəsin normal dolanışığı var. Şükürlü Allah bəndələriyik, heç nədən də narazılığımız yoxdur. Amma söhbət ondan gedir ki, səmərəli xidmət göstərə bilmirik və bu da millət vəkilinin nüfuzuna müəyyən dərəcədə xələl gətirir.
O sürücünün də haqqı var. O sürücünü qeyri-rəsmi şəkildə nə qədər işlədəsən? Sabah o, pensiyaya çıxanda, bir problemi olanda dövlətdən hansısa bir müavinət almalıdırmı? Hansısa bir şəkildə yaşayışını təmin eləməlidirmi? Bunu hüquqi zəminə gətirməyə ehtiyac varmı? Əlbəttə, var. Bu baxımdan da, məncə, bu məsələ üzərində düşünülməlidir.
İndiki vəziyyətdə bu tikililər yoxdursa, icra hakimiyyətlərinə göstəriş verilsin, heç olmasa, ikiotaqlı bir yer ayrılsın. Yüzlərlə boş, mənasız obyektlər, mənasız müəssisələr, yüzlərlə mənasız yerlər var. Nə oldu, bu millət vəkilinə bir-iki otaqlı yer tapılmır? Mən 8 aydır, seçicimi mütləq Milli Məclisə gətirməli, qəbul otağında qəbul eləməliyəm. Deputatın ixtiyarı yoxdur ki, kimi isə öz otağına çağırsın. Ancaq komitə sədrlərinə bu hüquq verilir. Türkiyədə, filanda belə şey yoxdur. Bizim deputat öz otağında kimi isə qəbul edə bilmir, bu bir tərəfə, ikinci də, seçici uzaq məsafədən buraya niyə gəlməlidir? Ona görə də Bahar xanımın dedikləri ilə tam razıyam, onun təşəbbüsünü dəstəkləyirəm və bu istiqamətdə atılan bütün addımların ancaq Milli Məclisin nüfuzunu qaldırmağa xidmət edəcəyini düşünürəm. Fikrimcə, hamımız bu məsələdə həmrəy olub bu təşəbbüsü dəstəkləməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikası Hesablama Palatasının 2014-cü il üçün xərclər smetası haqqında. Hesablama Palatasının sədr müavini Adil Məhərrəmov. Buyurun, Adil müəllim.
A.Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, Hesablama Palatasının xərclər smetası “Hesablama Palatası haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq Palata tərəfindən Milli Məclisə növbəti ilin dövlət büdcəsinə baxılarkən təqdim edilir ki, bu da ali audit qurumu kimi İNTOSAİ standartlarına və eləcə də adı çəkilən qanunun tələblərinə uyğun olaraq Palatanın təşkilati və funksional müstəqilliyə nail olmasından irəli gəlir.
Təqdim etdiyimiz layihəyə əsasən 2014-cü ilin dövlət büdcəsində Hesablama Palatasının saxlanması üçün 3 milyon 634 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2013-cü ilin proqnozu ilə müqayisədə ümumilikdə 2,3 faiz çoxdur. Bununla yanaşı, onu da qeyd etməyi vacib hesab edirəm ki, Palata üzrə xərclər smetasının ümumi məbləğinin əsas hissəsini – 2 milyon 739 min manatını əməyin ödənişi xərcləri təşkil edir.
Nəzərdə tutulmuş vəsait növbəti ildə Palatanın fəaliyyətinin təşkili üçün, idarənin saxlanması xərclərinin, kommunal və kommunikasiya xidmətləri haqlarının, inzibati bina üçün lazımi istehlak mal və materiallarının alınması üzrə zəruri ehtiyacların ödənilməsi, habelə ayrı audit qurumlarının, eləcə də onların beynəlxalq təşkilatlarının təşkil etdiyi konfrans və simpoziumlarda Palata əməkdaşlarının iştirakının təmin edilməsi ilə bağlı ezamiyyə xərcləri və eyni zamanda, tərəfimizdən burada təşkil olunan tədbirlər və sairə ilə bağlıdır.
Hörmətli millət vəkilləri, xərclər smetasının Milli Məclisə təqdim edildiyini nəzərə alaraq, vaxtınızı çox almamaq məqsədi ilə xərclərin tərkibi üzərində ətraflı dayanmağa ehtiyac olmadığını hesab edirəm. Hesablama Palatasının təqdim etdiyi xərclər smetasının strukturunu xarakterizə edən büdcə təklifi, zənnimcə, onun növbəti ildə fəaliyyətini daha səmərəli təşkil etməyə, beynəlxalq əməkdaşlığı gücləndirməyə, nəzarət tədbirlərinin keyfiyyətini daha da yüksəltməyə imkan verəcəkdir. Ona görə də hörmətli millət vəkilləri, sizdən Palatanın xərclər smetasını dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Adil müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, bununla da bizim gündəliyə daxil olan məsələlərin müzakirəsi bitir. Dövlət büdcəsi və digər məsələlərdə çox fəal iştirak etdiyinizə, maraqlı təkliflər verdiyinizə görə mən sizin hamınıza təşəkkür edirəm. Yəqin ki, bu məsələlər hamısı müzakirə olunacaq və bir həftədən sonra Maliyyə Nazirliyi burada sizin qaldırdığınız məsələlərə münasibət bildirəcək, ondan sonra biz səsverməni keçirəcəyik. Sağ olun.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi