2014-ci il 14 fevral tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ

PROTOKOLU № 82

Milli Məclisin iclas salonu.
14 fevral 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 94
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Zahirov, Azərbaycan Respublikası ədliyyə nazi-rinin müavini.
Mehdi Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.
Rafiq Süleymanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi Aparatının rəhbəri.
Həbib Yusifov, Azərbaycan Respublikası Ədliyyə Nazir-liyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin rəisi.
Qədir Xəlilov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin əməkdaşı.
Hafiz Əliyev, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İdarəsinin əməkdaşı.
Bahadur Kərimov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bələdiyyələrlə İş Mərkəzinin İnzibati Nəzarət İda-rəsinin əməkdaşı.
Əbülfəz Babayev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri.
Hümbət Hüseynov, Azərbaycan Qəsəbə Bələdiyyələri Milli Assosiasiyasının sədri.

 * * *

Kamran Əliyev, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.
2. “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qa-nununun layihəsi haqqında.
3. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyi-şikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haq-qında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Na-zirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaq-larının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəl-ləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
11. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edil-məsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Fərəc Quliyev, Fazil Mustafa, Qənirə Paşayeva, Əli Məsimli, Siyavuş Novruzov, Sahib Alıyev, Rövnəq Abdullayev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

1. Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vilayət Zahirov, Arif Rəhimzadə, Fəzail Ağamalı, Fazil Mustafa, Ziyafət Əsgərov, Çingiz Qənizadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

2. “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Nəticə: Yetərsay yoxdur

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


3. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannaməsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahə-sində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haq-qında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunvericiliyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatının təsis edilməsi haqqında” Sazişə qoşulması barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274-IIQ saylı Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Eldar Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının İnzibati Xətalar Mə-cəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

11. “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Rövşən Rzayev, Siyavuş Novruzov, Zahid Oruc,  Kamran Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14 fevral 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 94
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizdə var. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə  93
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin müzakirəsinə ehtiyac varsa, buyurun, yazılın. Zahid Oruc buyursun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim qaldırmaq istədiyim məsələ on illər boyu Azərbaycan mediasında, o cümlədən siyasi aləmdə bəzən casus qalmaqalları mövzusunun həm ehtimal, həm də müxtəlif faktlarla ortaya gəlməsidir. İki gün öncə “Haqqın. az” və “Virtual az. org” saytlarının rəhbəri Eynulla Fətullayev “tam məxfi” sərlövhəsi ilə  bir məqalə dərc eləyib. Ora-da “Azadlıq” radiosunun əməkdaşını Amerikanın xarici əlaqələr komitəsinin nümayəndəsinə casusluq fəaliyyətində ittiham edir. Əlbəttə, mən, ya da parlament üzvləri bu məsələdə hakim və ya münsif rolunda çıxış eləmirik. Son instansiya biz deyilik.
Əminəm ki, bu məsələlər, sadəcə, informasiya, mediada bir-birinin əleyhinə “kompromat” savaşı olmaqla bərabər, həm də hüquq mühafizə orqanlarının diqqətini cəlb edə-cəkdir. Lakin mənim toxunmaq istədiyim məsələ başqadır. Bu hadisələr bir daha da sübut eləyir ki, müxtəlif beynəlxalq qurumlardan ölkəmizə ayrı-ayrı “çətirlər”, ayrı-ayrı vəzifələr altında gələn, əsl həqiqətdə isə kəşfiyyat orqanlarının nümayəndələri olan bəzi Qərb təmsilçilərindən Azərbaycana təzyiq, müdaxilələr istənilir, hakimiyyət əleyhinə kəskin mövqe tələb olunur. “Maqnitski qanunu”nun işə düşməsi istənilir, müxtəlif məmurlarımıza qarşı sanksiyalar tələb olunur. Bu bir daha sübut edir ki, Azərbaycanın kütləvi informasiya vasitələri çevrəsində, eyni zamanda, media aləmində fəaliyyət göstərənlərin daxili durumu, mənəvi imkanları nə yerdədir?
Bir məsələni də əlavə olaraq vurğulayım ki, bundan öncə də Eynulla Fətullayev Milli Demokratiya İnstitutunun başqa bir təmsilçisini – Aleks Qriqoryevsi konkret olaraq Azərbaycanda “feysbuk inqilabı”, ayrı-ayrı insanları təşkilatlandırmaqda ittiham eləmişdi. Ona görə mən düşünürəm ki, səfirliklər, xüsusilə də Azərbaycanda müxtəlif dövrlərdə çox kəskin geopolitik maraqları toqquşan dövlətlərin nümayəndələri real olaraq diplomatik mandat çərçivəsində fəaliyyət aparmalıdırlar. Azərbaycanda hər hansı xarici kapitalla, dairələrin yardımı ilə inqilab mümkün deyil, çünki Azərbaycan dövlətinin Azərbaycan xalqına bağlı çox mühüm bir siyasəti ortadadır. Cənab Prezident sonuncu müşavirədə bir daha da vurğuladı ki, kimsə rəzil olaraq özünü başqa qüvvələrə satacaqsa, o, ifşa ediləcəkdir. Bu cür şifrəli fəaliyyətlər, əlbəttə, bizim tərəfimizdən çağırışla cəzaya layiq görülməsə də, heç olmasa, mənəvi cəhətdən biz onların adını bilməliyik. Biz bilməliyik ki, ölkə əleyhinə fəaliyyət göstərən təsir agentləri, təsir qrupları var.
Sədrlik edən. Çox sağ olun. Zahid müəllim, bunları bilmək üçün çox böyük zəhmət lazım deyil. Elə gündəlik qəzetləri açın, oxuyun, görəcəksiniz ki, orada kim bu çağırışları edir  və bu çağırışlara kimlər cavab verir, hamısı orada əks olunub. Bildiyiniz kimi, vaxtilə Amerika səfirliyinin xanım Vinsent adlı bir işçisi var idi. O elə indidən Azərbaycanda keçiriləcək olimpiadanın boykot olunmasına çağırışlar etməyə başlayıb. Ona hətta bir ləqəb də veriblər, “Miledi” deyirlər. Belə “miledilər” çox olacaq. Ona görə belə təsirlərə, çağırışlara qarşı həssas, diqqətli  olmalıyıq. Mən Sizinlə tamamilə razıyam. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, hesab edirəm ki, son dövrlərdə Azərbaycan, – kifayət qədər inkişaf elədiyi dövrdə də, – xaricdə yaşayan azərbaycanlılara, diasporda olan insanlarımıza sahib çıxmağa başlayıb. Ən azından diasporla Azərbaycan dövləti arasında qarşılıqlı himayə mexanizminin həyata keçirilməsi üçün tədbirlər keçirilir. Artıq kənarda olan soydaşlarımız Azərbaycanın problemlərinin üzərinə dövlətimizlə bir yerdə getməyə bacarırlar.
Gürcüstan türkləri ilə bağlı müəyyən addımlar atılıbdır. Orada azərbaycanlılar kompakt yaşadığı üçün sərmayə qoyuluşu çox mühüm məsələ kimi qeyd olunmalıdır. Miq-rasiya məsələləri ilə bağlı Azərbaycan tərəfindən olunan güzəştlər müsbət qarşılanmalıdır. Eyni zamanda, ora dərsliklərin göndərilməsi, insanlarımıza sahib çıxılması istiqamətində müəyyən işlər görülür və bundan sonra da görülməsi vacib olan işlər var. Orada ən azından gələcəkdə bir ali məktəbin təsis olunması, milli təhsilin sahmana salınması mühüm məsələdir. Yaxud da gürcüstanlı soydaşlarımızın problemləri ilə bağlı beynəlxalq konfransların keçirilməsi də mümkündür.
Amma mən bu gün başqa bir məsələyə toxunmaq istəyirəm. Bir müddət sonra yeni təhsil ili ilə bağlı, təbii ki, imtahanlar, ali məktəblərə seçimlər başlayacaqdır. Mən təklif edirəm ki, Azərbaycan tərəfi Borçalı türkləri üçün limit ayırsın. Bu, 50 olacaq, 100 olacaq, bilmirəm, amma hər halda biz kadrların ora göndərilməsi üçün onların arasından ən yaxşılarını seçib kadr təminatı üçün iş görməliyik. Məncə, Təhsil Nazirliyi belə bir addım atsa, sonra görəcək ki, orada məktəb açılarmı, ali məktəblər olarmı? Bu məsələlərə qədər bu işin görülməsi çox vacib şərtlərdən biri olardı. Mən bunu təklif edirəm və hesab edirəm ki, müvafiq tədbirləri həyata keçirmək üçün bir çətinlik olmaz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir aktual məsələyə xüsusi diqqət çəkmək istəyirəm. Son vaxtlar Avropa Parlamentində Azərbaycanı dəstəkləyən millət vəkilləri ilə bağlı bir “əcinnə ovu” anlayışı yaranmağa başlayıbdır. Burada da əsas istiqaməti ona yönəltməyə çalışıblar ki, seçkilərdə Azərbaycan hakimiyyətini dəstəkləyən bu millət vəkilləri təmənna ilə fəaliyyət göstəriblər. Bu, əslində, məsələnin bəhanə tərəfidir. Bu deputatlar həm də Azərbaycanın bütövlüyü məsələsində ən fəal rol alan insanlardır. Guya Azərbaycanda antidemokratik fəaliyyətləri dəstəkləməyə meyilli deputatlar kimi onları Azərbaycanın ərazi bütövlüyünü, Azərbaycanın maraqlarını müdafiə etməkdən yayındırmaq siyasəti yeridilir.
Məncə, biz buna qarşı təsirli tədbirlər görməliyik. Onların müdafiəsi istiqamətində müəyyən addımlar atmalıyıq ki, sabah bu insanlar Azərbaycanın haqlı davasını müdafiə eləməkdən çəkinməsinlər, tək qalmasınlar. Moldova ombudsmanının fəaliyyətinə dəstək verdiyimiz kimi, digər məsələlərdə də bunu nəzərə almalıyıq.
İkinci bir vacib məsələni sizə xatırlatmaq istəyirəm. Oqtay müəllim, 1957-ci il may ayının 28-də iki azərbaycanlı gənc – Cahid Hilaloğlu və Çingiz Abdullayev Azərbaycanın üçrəngli bayrağını Qız Qalasının üzərindən asmışdılar və buna görə də 10 il Sibirdə həbsdə yatdılar. Bu gün Azərbaycanda Bayraq meydanı yaradılıb. Bayrağa sayğı, dövlətin bayrağa sahib çıxması, onu ucaltması çox gözəl bir ənənədir, vacibdir. Artıq müstəqil dövlətik.
Bu dövlətin yaranmasına qədərki dövrdə xidməti olan insanların haqqının tanınması istiqamətində dəfələrlə məsələ qaldırmışıq. İstər Nuru Paşa ilə, istərsə də o dövrdə yaranmış müxtəlif antisovet təşkilatları ilə bağlı fikirlərimizi demişik. Bu iki şəxsin ən azı bayraq muzeyində adlarına bir xatirə lövhəsinin vurulması çox yaxşı bir iş olardı. Həm də xaricdən gələnlər də görsünlər ki, Azərbaycanda sovet dövründə də müstəqillik  uğrunda bir dissident hərəkatı olub. Onlar 10 il Sibirdə həbsdə yatıblar. Onların xatirəsini əbədiləşdirməyimiz yaxşı bir addım olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma xahiş edirəm, dəqiq ol-mayan informasiyaları burada danışmayaq ki, sonra onlar-dan istifadə eləməsinlər. Avropa Parlamentində Azərbay-cana gələn deputatlar haqqında belə bir xüsusi qərar yoxdur.
2011-ci ildə Avropa Parlamentində özlərinin daxili məsələlərini həll eləmək üçün bir komissiya yaratmışdılar və orada Azərbaycanın adı, ümumiyyətlə, yoxdur. Söhbət Avropa Parlamentinin bəzi üzvlərinin müxtəlif ölkələrə səfərlərindən gedir. Onların öz imkanları varmı, hansı pulla gediblər və sair. Burada Azərbaycanın adı yoxdur. Azər-baycanın adını sala da bilərlər, ancaq hələlik belə bir məsələ yoxdur. Azərbaycana gələn deputatlara qarşı belə bir xüsusi qərar da yoxdur. Xahiş edirəm, bir az diqqətli olaq. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bir mövzuya toxunmaq istəyirəm. Parlamentin ötən iclasında yeni tikilən yaşayış binalarında qaz təminatında yaranmış ciddi sıxıntı ilə bağlı aparılan fikir mübadiləsindən sonra çoxlu sayda insan bizə müraciət edib. Xahiş edirlər ki, parlament bu məsələdə onlara dəstək versin.
Bu insanlar vurğulayırlar ki, bu yalnız bizim günahımız deyil, bizə o binalara köçməyə icazə verilib. Biz o binalara köçmüşük, yaşayırıq, elektrik və su xətləri var. İndi mən bilmirəm, o binaların hansında elektrik, su xətləri qanunidir, ya qanunsuz, amma insanların bu təminatı ödənilib və o binada yaşayırlar. Yəni tam təhvil verilməyən binada elektrik və su xətlərindən istifadə olunur. Əgər bu binalar təhvil verilməyibsə, o zaman elektriki, suyu necə verirlər? Onlar deyirlər ki, ev sahiblərinin “qaz da yaxın vaxtda veriləcək” sözlərinə inandıq və buraya köçdük.
Qazla təminat məsələsinin həll olunmaması onların büdcələri üçün çox böyük problemdir. Onlar evlərin qızdırılmasında çox ciddi sıxıntılar çəkirlər və bu məsələyə bir aydınlıq gətirilməsini gözləyirlər. Ona görə çox yaxşı olardı ki, biz bu qurumları çağırardıq, bəzi binalardakı bu problemi aydınlaşdırardıq. Əgər ciddi problemlər yoxdursa, o binaların təhvil götürülməsi məsələsi sürətləndirilsin. Onda “Azəriqaz” da o binaları normal şəkildə qaz ilə təmin edər və insanların problemləri öz həllini tapardı.
Amma bu məsələnin ikinci tərəfi ondan ibarətdir ki, biz bu məsələyə bir az daha sərt mexanizmlərlə yanaşmalıyıq. Ümumiyyətlə, bu binanı tikən insanlar o təhvil verilmədən insanların köçürülməsinə icazə verməklə, əslində, çox böyük problemlərin əsasını qoymuş olurlar. Elə şirkətlər var ki, bir binanı təhvil verməmiş, yeni bina tikirlər. Onu da istifadəyə verirlər, orada da insanlar yaşayırlar. Yəni bir bina təhvil verilmədən ikinci və üçüncü bina tikilir. Bu məsələdə şirkətlər məsuliyyət daşımalıdırlar. Bina istismara verilmədən, təhvil alınmadan orada insanların yaşaması sonra ciddi problemlər yaradır. Belə halda yeni binaların tikilməsinə də ciddi yanaşmaq lazımdır.
Mən hesab edirəm, parlament əlindən gələni etməlidir ki, bu insanların qazla bağlı sıxıntıları öz həllini tapsın. Çox vacibdir ki, aidiyyəti qurumlar bu məsələyə bir az fərqli yanaşsınlar. Əgər binalarda ciddi sıxıntılar, problemlər yoxdursa, onun qazlaşdırılmasına dəstək göstərsinlər. Yox, əgər ciddi sıxıntıları varsa, bu bilinməlidir.
Sədrlik edən. Qənirə xanım, bu məsələni tez-tez burada qaldırırıq. Mən keçən dəfə də buna qısa şəkildə cavab verdim, indi bir də cavab verirəm. Keçən dəfəki çıxışlardan sonra bir daha bu məsələlərlə maraqlandım. Elektrik, su verilir. Ancaq qaz təchizatı ilə bağlı dedilər ki, həmin binaların 70 faizində tüstü bacaları sistemi, rus dilində “дымоудалене” sistemi deyirlər, o yoxdur. Yəqin, Rövnəq müəllim də bu məsələyə aydınlıq gətirər, o sistem yoxdur.
İkinci, qazın verilməsi üçün, heç olmasa, insanların 70 faizi bu binaya köçməlidir. Deyirlər ki, binaların yarısı boşdur. Keçən dəfə bunu izah elədim. Nə lazımdırsa, kömək eləyək, kimi istəyirsinizsə, dəvət eləyək, amma onlardan da eyni cavabı alacağıq.
Bir də müraciət edirik ki, təhvil verilməmiş binalara köç-məsinlər. O binanı tikən insanlar onların qarşısında cavab-dehdirlər. Onlar öz sözlərini deyə, şikayətlərini eləyə bilər-lər. Elə hamı gözləyir ki, qaz verilsin.
Mən onların dedikləri ilə razıyam, qazı verməyə qorxurlar. Qaz nə elektrikdir, nə də su. Qazı verdilər, sabah bina partladı, kim cavab verəcək?
Mən bayaq dedim. Dedilər ki, binaların tüstü bacaları sistemi yoxdur. Bu çox dəhşətli bir məsələdir. Düşünün, 9–14 mərtəbəli binada, Allah eləməmiş, bir yanğın baş versə, o insanların yarısı aşağı düşə bilməyəcək. Tüstü bacaları deyilən bir sistem var, mən də bilmirdim, izah elədilər. Rövnəq müəllim, axırda söz verərəm, izah edərsiniz. Buyursun Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Mən Gürcüstan Prezidentinin Azərbaycana səfəri ilə bağlı bir neçə kəlmə demək istərdim. Gürcüstan Prezidentinin Azərbaycana səfəri, Azərbaycan Prezidenti, Milli Məclisin Sədri, Baş nazirlə görüşlər və bu zaman verilən bəyanatlar belə bir fikir söyləməyə əsas verir ki, Gürcüstanda hakimiyyətin dəyişməsinə baxmayaraq, indiyə qədər formalaşmış strateji əməkdaşlığımızın yeni bir mərhələyə keçməsi üçün yaxşı potensial imkanlar var. Bu çox sevindiricidir. Ona görə ki, Gürcüstan–Azərbaycan strateji əməkdaşlığı yalnız bu iki ölkənin arasında olan problemlərin həllini yeni bir mər-hələyə qaldırmaqla bitmir. Bu, qonşu regionların da problemlərinin həllinə dəstək verir, onların da gələcəyə perspektivli baxmasına imkan yaradır. Sadəcə, bu əmək-daşlığın Avropanın bir nömrəli problemi olan enerji təhlükəsizliyində rolunu qeyd eləmək kifayətdir.
İkinci bir məsələni qeyd eləmək istəyirəm. Məhz bu əməkdaşlıq qardaşlıq nümunəsi olan Azərbaycan–Türkiyə qardaşlıq modelinin Azərbaycan–Türkiyə–Gürcüstan üçbu-cağına çevrilməsinə imkan yaradır ki, bu cür yaxşı, səmimi əlaqələr bilavasitə üçbucaq formasında regionda söz sahi-binə çevrilmə imkanlarını genişləndirir.
Mən GUAM-ın tədbirlərində iştirak edib hər şeyi öz gözümlə gördüyüm üçün qeyd eləmək istəyirəm ki, istər orada keçirilən seçkilərdə iştirakımız zamanı, istərsə də GUAM səviyyəsində tədbirlərdə Gürcüstan ictimaiyyətinin Azərbaycana olan o xoşməramlı münasibətini görürük. Bundan istifadə eləmək üçün bir neçə məqamı qeyd eləmək istərdim.
Birinci, biz Gürcüstan–Azərbaycan münasibətlərində da-ha çox iri layihələrdən danışırıq. Bu, müsbət haldır. Amma iri layihələrlə yanaşı, eyni zamanda, Azərbaycanın Gürcüs-tana investisiyasının coğrafiyasını genişləndirməklə daha yeni layihələrin reallaşdırılmasına imkan var. Bundan geniş istifadə edilməsinə çağırıram.
Eyni zamanda, çox maraqlı bir perspektiv, məqam yaranıb. Azərbaycanın hakimiyyət nümayəndələri Gürcüstana səfər edərkən azərbaycanlıların yaşadığı ərazilərdə olması, Gürcüstan nümayəndə heyətinin isə Azərbaycanda gürcülərin yaşadığı yerlərə getməsi Gürcüstanda yaşayan azərbaycanlıların, Azərbaycanda yaşayan gürcülərin problemləri ilə bağlı məsələlərin həllinin sürətlənməsinin həmin yeni layihələrdə əksini tapmasını vacib hesab edirəm. Əgər biz investisiyaları genişləndirsək, sözün həqiqi mənasında strateji tərəfdaşlıqdan əlavə regionda mövqeyimizi də çox...
Sədrlik edən. Çox sağ olun. Dediklərinizin hamısı diqqətəlayiq məsələlərdir. Elə o istiqamətdə də işlər gedir. Cənab Prezidentlə görüşdə də, Milli Məclisdə də bu məsələlərdən danışıldı. Bu yaxınlarda Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin görüşü olacaq. Eyni ilə parlamentdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin təşəbbüsü ilə Gürcüstan, Azərbaycan və Türkiyə xarici əlaqələr komitələrinin iclası olacaq. Biz srağagün danışdıq ki, nəinki bu komitələr, nəinki dostluq qrupları arasında, eləcə də Gürcüstan parlamentinin bütün komitələri ilə görüşməklə, bir-birimizin təcrübəsini öyrənməklə yaxın əlaqələr yaradaq və mövcud problemləri böyütmədən aşağı səviyyədə, parlamentin iclası səviyyəsində həll edək. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də gündəliklə razıyam, amma bir məsələyə xüsusi toxunmaq istəyirəm. Bir müddət öncə biz Əkrəm Əylislinin Azərbaycan xalqına, Azərbaycan dövlətinə, türk xalqına, islam dininə qarşı məqaləsini geniş müzakirə elədik və tənqidi fi-kirlərimizi bildirdik. Bəzən görürsən ki, bizim həmkarlarımız da çaşırlar. Bundan ibrət dərsi çıxarmaq əvəzinə Əkrəm ylislinin yolu ilə gedirlər.
Mən diqqətinizə çatdırmaq istəyirəm ki,  bu yaxınlarda Fazil Mustafanın “Adamyeyən” adlı məqaləsi çıxıb və Ək-rəm Əylislinin yazısından heç də geri qalmır. Mən bilirəm ki, vaxtilə Əkrəm Əylisli ilə bir yerdə çox oturub-durublar, məsləhətləşiblər və sair. Amma Azərbaycanda görülən işlərin üzərinə bu dərəcədə qara salmaq, həyata keçirilən islahatlara bu cür yanaşmaq, aparılan tikinti-quruculuq, abadlıq işlərinin üzərindən qara bir xətt çəkmək, Afrikanın “adamyeyənləri” ilə azərbaycanlıları müqayisə etmək  heç də təqdirəlayiq deyil.
Nəinki azərbaycanlılar, Azərbaycana gələn dövlət baş-çıları, hökumət rəhbərləri, ayrı-ayrı qonaqlar, keçirilən bütün beynəlxalq seminarlarda, müşavirələrdə iştirak edənlər Bakı şəhərində, Azərbaycanın regionlarında nə qədər böyük işlər görüldüyünün şahidi olduqlarını qeyd edirlər. Bizimkilərin isə bunu gözü götürmür, gözü görmür.
Azərbaycan idmanı ilə bağlı olmazın fikirlər söylənilir. Azərbaycan idmançıları dəfələrlə olimpiadalarda, dünya çempionatlarında uğurla çıxış ediblər, ölkəyə qızıl medallar gətiriblər. Təriflədiyin Fransa yığma futbol komandasına bax. İki nəfərdən başqa orada ağ adan tapsan, mənə nə deyirsən de. Dünyanın hər yerində legionerlər də var, yerlilər də. Bununla məsələyə guya Azərbaycan xalqının potensialının olmaması kimi yanaşır.
Yaxud da divarların çəkilməsi məsələsini götürək. Bütün dünyada əhalinin təhlükəsizliyi üçün yaşayış məntəqələrinin yanından daha çox divarlar çəkilir. Burada səni narahat eləyən nədir, mənim başım çıxmır. Bu, insanların təhlükəsizliyi üçündür, həm də bir gözəllikdir.
Bu boyda yollar çəkilib, körpülər tikilib, Azərbaycanda 3 mindən artıq məktəb tikilib. Bunu görmürsən, amma hansısa məktəbdə duş yoxdursa, bunu cəmiyyətin diqqətinə çatdırmaq istəyirsən. Burada həqiqət, düzgünlük haradadır? Tənqidin özünün forması, mexanizmi var. Tənqid eləyəndə gərək obyektiv olasan. Olanı göstər, olmayan haqqında çıxış elə. İki bina sökülüb, yerində təzəsi tikilir. Vaxtilə uyğun  idi, indi uyğun deyil. 
Sədrlik edən. Bir dəqiqə, mikrofon verin.
S.Novruzov. Bu binalar yenidən şəhərin zövqünə uyğun tikilir. Pekin şəhərində on ildə on dəfə 9 mərtəbəli, 16 mərtəbəli binalar sökülüb, yol genişlənib və yerində 28 mərtəbəlilər tikilib. Bu o demək deyil ki, dövlət vəsaiti dağılır. Dövlət ölçür, biçir, həm vətəndaşının şəraitini yaxşılaşdırır, həm də paytaxtın gözəlləşməsi üçün addımlar atır. Burada səni narahat edən hansı səbəbdir ki, bizi aparıb afrikalılara uyğunlaşdırırsan. Görürəm, səndə afrikalılara o qədər həvəs yaranıb ki, indi yenidən tez-tez Afrikaya səfər eləməyə başlayırsan. O Afrika dövlətlərində səni nə maraq-landırır, başa düşmürəm. Azərbaycan xalqına bu cür yanaş-mağın əleyhinəyəm. Mən hesab edirəm ki, Fazil Mustafa bir təkzib verib Azərbaycan xalqından üzr istəməlidir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli Sədr, dəyərli həmkarlar! Bildiyiniz kimi, mən burada cəbhə bölgəsini, Tərtər rayonunu  təmsil edirəm. İstəyirəm, bu yüksək kür-südən təmsil etdiyim rayonun camaatının, seçicilərimin na-razılığını çatdırım. Bu narazılıq son zamanlar atəşkəsin müntəzəm pozulması ilə bağlıdır. Dünən yenə Tərtərdə erməni tərəfi atəşkəsi pozdu və hətta hərbi manevrlərə də cəhd etdi. Düzdür, Azərbaycan ordusu onları geri oturtdu, amma maraqlı olan budur ki, erməni tərəfi olimpiada dövründə prezidentlərinin götürdüyü öhdəliyə baxmayaraq, ardıcıl olaraq bütün cəbhə boyu atəşkəsi pozur. Sual yaranır ki, necə ola bilər, bir ölkə vassal olduğu ölkədə olimpiada keçirilə-keçirilə belə bir cəsarətə yol verir?
Biz görürük ki, bununla paralel olaraq da həmin ölkənin, yəni Rusiyanın Ermənistandakı hərbçiləri 200-dən çox texnikanı cəlb etməklə təlimlərə başlayıblar. Necə olur ki, qışın oğlan çağında, gecə saatlarında və Rusiyada olimpiada keçirilən vaxtda bu cür hərbi təlimlərin keçirilməsinə  ehtiyac yaranır? Bu bizdə böyük narazılıq doğurur.
Çox maraqlıdır ki, Minsk qrupunun digər həmsədrləri də bu məsələlərə yanaşmada çox qəribə mövqe tuturlar. Amerikanın təmsilçisi işğalçı ordunun hərbçisinin öldürülməsi ilə bağlı başsağlığı verir. Amma bir nəfər həmsədr soruşmur ki, axı, bu, Ermənistan vətəndaşıdır, o, Azərbaycan torpağında nə gəzir? Həm qərbdəkilər, həm də beynəlxalq strukturlar məsələlərə bu cür loyal yanaşacaqlarsa, növbəti dəfə Qarabağ münaqişəsinin böyüməsi və bütün regionu əhatə etməsi təhlükəsi var.
Mən heç təsadüfi saymıram ki, bu günlərdə Böyük Britaniya parlamentində bu məsələ gündəmə çıxarıldı. Şükürlər olsun ki, artıq Böyük Britaniya parlamentində deyilməyə başlandı ki, bu münaqişə, doğrudan da, dondurulmuş münaqişədir, istənilən an alovlanma təhlükəsi var və bütün regionu təhlükə altında saxlayır. Dəfələrlə Azərbaycan tərəfi bu məsələni qaldıranda görürdük ki, qərbdəki tərəfdaşlarımız bu məsələyə çox susqunluqla yanaşırlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, yarım saatdır, cari məsələləri müzakirə edirik. Dəfələrlə burada binaların qazlaşdırılması məsələsi qaldırıldığı üçün istərdim ki, Rövnəq müəllimə söz verək, bu məsələyə münasibətini bildirsin. Buyurun.
R.Abdullayev. Söz verdiyinizə görə çox sağ olun. Mən həmkarlarımdan üzr istəyirəm ki, yazılmamışdım, amma aktual məsələ olduğu üçün çıxış etmək qərarına gəldim. Ümumiyyətlə, Bakı şəhərində və başqa şəhərlərdə yeni binalar tikilib, inkişaf gedir. Çoxmərtəbəli binalar çox sürətlə tikilir. Amma layihələrdə olan problemlərə görə bu binalar dövlət komissiyasına təhvil verilə bilməz. Ko-operativlər, MTK-lar da o binaları satırlar, insanlar da orada yaşamağa başlayırlar. Su, elektrik veriləndən sonra sakinlər şikayət etməyə başlayırlar ki, qaz yoxdur. Su və elektrikin verilməsində təhlükəsizlik baxımından o qədər problem yoxdur. Binalara qazın verilməsində isə bu problem qalır.
Buradan bildirirəm ki, Dövlət Neft Şirkəti, “Azəriqaz” İstehsalat Birliyi neçə vaxtdır elan edir ki, hansı bina təhlükəsizlik qaydasına uyğun olaraq Fövqəladə Hallar Nazirliyinin Sənayedə İşlərin Təhlükəsiz Görülməsinə Nəzarət və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin lisen-ziyasını alıbsa, təhvil aktına qol çəkilibsə, bir həftə müd-dətinə orada qazlaşma işləri aparılıb, bina qazlaşdırılıb. Əgər o binada təhlükəsizlik qaydalarına uyğun normal tikinti aparılmayıbsa, o binaya qaz vermək mümkün olmayacaq. Sakinlər o binanı tikən MTK-dan soruşsunlar ki, niyə bina normal qaydada istismara verilmir ki, orada qazlaşdırma işi aparılsın. Yenə də buradan demək istəyirəm ki, təhvil alınan binaya bir həftə müddətində qaz vermək imkanımız var və bunu edirik. Sağ olun.
Sədrlik edən. Dərd də odur ki, belə bina yoxdur. Layi-hələrdə “дымоудалене” yazılır. Özü də bu sistemin qiyməti orta hesabla cəmi 150–200 min civarındadır. Layihəni təsdiq etdirəndə o sistemi yazırlar, amma sonra onu həyata keçirmirlər. Dərd budur.
Çox sağ olun, müzakirələrə son verək, gündəliyə keçək. Gündəliyin birinci məsələsi Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi haqqındadır. Buyurun, Vilayət Zahirov.
V.Zahirov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsi ilə bağlı illik məruzəni diqqətinizə təqdim edirəm. Yola saldığımız 2013-cü il ölkəmizin siyasi, iqtisadi və sosial həyatında qazanılmış bir sıra önəmli uğurlarla, dinamik inkişafın təmin edilməsi ilə yadda qalmışdır. Respublikamızın iqtisadi tərəqqisi davam etmiş, əhalinin sosial rifahı daha da yaxşılaşmışdır.
Ötən ildə ümummilli lider Heydər Əliyevin 90 illik yubileyi istər ölkəmizdə, istərsə də beynəlxalq aləmdə yüksək səviyyədə qeyd edilmiş, ulu öndərin ideyalarının uğurla həyata keçirilməsi bir daha öz təsdiqini tapmışdır. Ulu öndərin yubileyi hər yerdə olduğu kimi, Ədliyyə Nazirliyində də böyük təntənə ilə qeyd edilmiş, yubileylə bağlı bir sıra tədbirlər keçirilmişdir.
Oktyabrın 9-da ölkəmizdə keçirilmiş Prezident seçkilərini hüquqi-demokratik dövlət quruculuğunun təntənəsi hesab etmək olar. Azad, ədalətli və şəffaflıq şəraitində keçən bu seçkidə ölkə Prezidenti cənab İlham Əliyevin aşkar üstünlüklə yenidən prezident seçilməsi xalqımızın Heydər Əliyev siyasi kursunun layiqincə davam etdirilməsinə böyük inamının göstəricisidir.
2013-cü il bütün sahələrdə olduğu kimi, yerli özünüidarəetmə orqanlarının fəaliyyəti baxımından da uğurlu olmuşdur. Bir çox bələdiyyələr onların qarşısında duran vəzifələri layiqincə yerinə yetirərək, abadlaşdırma və quruculuq işlərində fəal iştirak etmiş, sosial-iqtisadi layihələr həyata keçirmişlər. Bütövlükdə bələdiyyə idarəçi-liyinin səmərəliyi daha da artmışdır. Bələdiyyələrin yerli əhali ilə qarşılıqlı münasibətləri xeyli yaxşılaşmış, ictimai əlaqələri güclənmişdir.
Yerli özünüidarənin inkişafı ilə bağlı qanunvericiliyin təkmilləşdirilməsi işi davam etdirilərək bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Aidiyyəti orqanlara razılaş-dırılmış təkliflər əsasında Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin 2012-ci il 19 oktyabr tarixli “Avropa yerli özünüidarə Xartiyasına qeyd-şərtlər və bəyanatlar” adlı tövsiyəsinə uyğun olaraq Milli Məclis tərəfindən qəbul edilmiş 2013-cü il 21 iyun tarixli qanunla ölkəmiz “Yerli özünüidarəetmə haqqında” Avropa Xarti-yasının 10-cu maddəsinin 3-cü bəndinə qoşulmaqla üzərinə daha bir öhdəlik götürmüşdür.
Ədliyyə Nazirliyi tərəfindən bələdiyyələrin fəaliyyəti ilə bağlı bir sıra qanun layihələrinə baxılaraq rəy və təkliflər verilmiş, eyni zamanda, mövcud qanunvericiliyə dəyişikliklər edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq aidiyyəti orqanlara təqdim edilmişdir. O cümlədən Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin 326 saylı Tövsiyəsinin icrası ilə bağlı “Ailə kəndli təsərrüfatı haqqında”, “Büdcə sistemi haqqında” qanunlara və Vergi Məcəlləsinə müvafiq dəyişikliklərin edilməsini nəzərdə tutan qanun layihələri hazırlanaraq baxılması üçün aidiyyəti orqanlara təqdim olunmuşdur.
Ölkə Prezidentinin 2012-ci il 5 sentyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Korrupsiyaya qarşı mübarizəyə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 11.1-ci, 11.3-cü bəndlərində bələdiyyələrin aparatlarında qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsi ilə bağlı təkliflərin, həmçinin bələdiyyə qulluqçularının etik davranış qaydalarının hazırlanmasına dair Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilmişdir. Eyni zamanda, “Açıq hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nın 6.6-cı maddəsində yerli büdcənin tətbiqinə və icrasına, sərf edilən vəsaitin təsdiq edilmiş büdcə göstəricilərinə uyğunluğuna, habelə bələdiyyələrin maliyyə hesabatlarının vaxtında təsdiq olunmasına nəzarət mexa-nizmləri və prosedurlarına dair təkliflər hazırlanması nazirliyə həvalə edilmişdir.
Milli fəaliyyət planlarında müəyyən edilmiş bu tapşırıq-ların icrası ilə bağlı Bələdiyyə qulluğuna qəbul üçün müsa-biqələrin keçirilməsi qaydalarının təsdiq edilməsi haqqında, “Bələdiyyə qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə, Bələdiyyə qulluqçularının etik davranış qaydaları haqqında qanun layihələri hazırlanaraq Nazirlər Kabinetinə təqdim edilmiş, “Bələdiyyənin maliyyəsinin əsasları haqqında” Qanuna, İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi barədə müvafiq təkliflər hazırlanmışdır.
Bununla yanaşı, korrupsiyaya qarşı mübarizədə mühüm rol oynayan müasir informasiya-kommunikasiya texnologi-yalarının daha geniş tətbiqi üzrə xeyli işlər görülmüş, o cümlədən Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli fərmanı ilə təsdiq edilmiş “Dövlət və yerli özünüidarə orqanlarının aktlarının elektron informasiya sistemləri vasitəsilə açıqlanması” Qaydası”na uyğun olaraq müasir tövsiyələr hazırlanaraq bələdiyyələrə göndərilmiş və həyata keçirilmiş maarifləndirmə tədbirlərində də bu barədə bələdiyyə nümayəndələrinə geniş məlumat verilmişdir.
Ədliyyə Nazirliyinin kollegiya iclaslarında mütəmadi olaraq bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin həyata keçirilməsinin təkmilləşdirilməsi, bələdiyyələrdə qanunçu-luğun möhkəmləndirilməsi məsələləri müzakirə edilmiş və bu sahədə işin yaxşılaşdırılması məqsədi ilə müvafiq qərarlar qəbul edilmişdir. Nazirliyin iş planına uyğun olaraq regional ədliyyə şöbələrində “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarətin təşkili haqqında” Təlimata əməl olunması vəziyyətini öyrənmək məqsədi ilə əməkdaşlar bir sıra regional ədliyyə şöbələrində işin təşkili ilə yerində tanış olmuş, bələdiyyələrlə iş istiqamətində daxil olan sənədlərin icra vəziyyəti araşdırılmış və aşkar olunmuş nöqsanların aradan qaldırılması üçün zəruri tədbirlər görülmüşdür.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət  “Yerli özü-nüidarə haqqında” Avropa Xartiyası və müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçiril-mişdir. İnzibati nəzarətin başlıca məqsədi bələdiyyələr tərəfindən normativ hüquqi aktların tələblərinə riayət edilməsinin, bələdiyyə aktlarının qanunvericiliyə uyğun qəbul edilməsinin təmin olunması, həmçinin hüquq pozuntularının aradan qaldırılmasıdır. İnzibati nəzarət həyata keçirilərkən bələdiyyələrin fəaliyyətinə edilən müdaxilənin qanunda nəzərdə tutulan məqsədə mütənasib olması, bələdiyyələrin yerli əhəmiyyətli məsələləri qanun çərçivəsində müstəqil və sərbəst həll etmək hüququnun məhdudlaşdırılmaması kimi qanunla müəyyən edilmiş prinsiplə gözlənilərək inzibati nəzarətin qanunauyğun üsulla, metodla aparılması təmin edilmişdir.
2013-cü ildə nazirliyə bələdiyyələrin fəaliyyəti ilə bağlı 1855 müraciət (2012-ci illə müqayisədə 17 faiz çox) daxil olmuşdur. Aparılan dəlillər nəticəsində müəyyən edilmişdir ki, müraciətlərin 495-i torpaq sahəsinin ayrılması tələbi, 302-si torpaq mübahisəsi, 168-i isə torpaq sahəsinin sənəd-ləşdirilməsi ilə bağlı olmuşdur. Beləliklə, müraciətlərin 52 faizi torpaq məsələləri, digərləri isə bələdiyyələrin fəaliyyəti ilə bağlı olmuşdur. Daxil olan müraciətlərə baxılarkən 52-si üzrə inzibati nəzarət icraatı qaydasında araşdırılma aparılmış, digərlərinə mahiyyəti üzrə baxılaraq cavab verilmiş, 25 müraciət üzrə materiallar isə ümumi qiymət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir. Eyni zamanda, ölkə başçısının vətəndaşlara xüsusi diqqət və qayğı göstərməsi barədə tapşırığına uyğun olaraq bələdiyyələrin fəaliyyəti ilə bağlı nazirliyə daxil olan müraciətlərin aidiyyəti üzrə həlli istiqamətində müvafiq tədbirlər görülmüş, bu tədbirlərin nəticəsində daxil olan müraciətlərdən 116-sı təmin edilmişdir. Beləliklə, keçən ilə nisbətən 2,2 dəfə çox müraciət təmin edilmişdir. Müraciətlərə baxılması nəticəsində fəaliyyətlə-rində nöqsan və çatışmazlıqlar müəyyən edilmiş 248 bə-lədiyyəyə tövsiyələr verilmişdir. Bələdiyyələr tərəfindən tövsiyələr müzakirə edilərək qeyd olunan nöqsan və çatış-mazlıqlar aradan qaldırılmışdır.
Həyata keçirilmiş maarifləndirmə tədbirlərində Azərbay-can Respublikası Prezidentinin 2012-ci il 21 dekabr tarixli fərmanı ilə təsdiq edilmiş “Bələdiyyənin Nümunəvi Reqla-menti”nin tələbləri bələdiyyə üzvləri və qulluqçularına izah edilmiş, aktların qanunla müəyyən edilmiş müddətdə inzibati nəzarəti həyata keçirən orqana təqdim olunmasının zəruriliyi onların diqqətinə çatdırılmışdır.  Aparılan maarif-ləndirmə işləri və inzibati məsuliyyət tədbirləri nəticəsində nazirliyə təqdim olunan bələdiyyə aktlarının sayı 2012-ci illə müqayisədə xeyli artıq olmuşdur. Belə ki, il ərzində hüquqi ekspertizadan keçmək üçün 59 858 bələdiyyə aktı (2012-ci illə müqayisədə 14 faiz çox) daxil olmuşdur.
Təqdim olunmuş bir sıra bələdiyyə aktına baxılaraq onların normativ hüquqi aktlara uyğunluğu öyrənilmişdir. Onlardan 2684 aktın qanunazidd olduğu müəyyən edilərək dəyişdirilməsi və ləğv edilməsi haqqında bələdiyyələrə tək-liflər göndərilmiş və onların çoxu bələdiyyələr tərəfindən təmin edilmişdir. 
Eyni zamanda, qanunsuz qərarların ləğvi ilə bağlı nazirliyin verdiyi təkliflərin  təmini də xeyli yaxşılaşmışdır. Bu səbəbdən qanunazidd bələdiyyə aktlarının məhkəmə vasitəsilə ləğv edilməsinin zərurəti də əsaslı şəkildə azalmışdır. Belə ki, 2007–2012-ci illər ərzində bələdiyyələr tərəfindən təmin edilməmiş təkliflərlə bağlı müvafiq məhkəmələrdə qaldırılan iddiaların sayı 479 olduğu halda, 2013-cü ildə cəmi 4 iddia verilmişdir.
Bundan başqa, Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyində də bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət davam etdirilmiş və müvafiq tədbirlər həyata keçirilmişdir. İl ərzində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinə 1675 bələdiyyə aktı təqdim olunmuşdur ki, onlardan ikisi qanunvericiliyə uyğun olmadığı üçün ləğv edilmişdir.
Bələdiyyə aktlarına baxılarkən bəzi bələdiyyələr tərəfin-dən aktların qəbulunda nöqsan və çatışmazlıqlara yol veril-diyi müəyyən edilmişdir ki, bunlar, əsasən, bələdiyyə iclas-larının qanunla nəzərdə tutulmuş qaydada keçirilməmə-sindən, iclas protokollarının qanunvericiliyə uyğun tərtib və təsdiq olunmamasından ibarət olmuşdur. Nazirlik tərəfindən aşkar edilmiş bu və ya digər qanun pozuntularının aradan qaldırılması üçün ayrı-ayrı bələdiyyələrə 3445 tövsiyə verilmiş, müvafiq metodik vəsaitlər hazırlanaraq bütün bələdiyyələrə göndərilmişdir.
İl ərzində 3460 hektar torpaq sahəsinin qanunsuz ayrıl-masının qarşısı alınmış, həyata keçirilən tədbirlər nəticəsində qanunsuz olaraq icarəyə verilmiş 3196 hektar, xüsusi mülkiyyətə verilmiş 240 hektar, istifadəyə verilmiş 21 hektar torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır. “Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarət haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinə görə bələdiyyələr bu maddədə nəzərdə tutulmuş bələdiyyə aktlarını onların qanunauyğunluğunun müəyyən edilməsi məqsədi ilə 15 gündən gec olmamaqla inzibati nəzarəti həyata keçirən orqana təqdim etməsi tələbinə baxmayaraq, bir sıra bələdiyyələr tərəfindən mütləq təqdim edilməli olan bələdiyyə aktları qanunla müəyyən edilmiş müddətə ekspertizaya göndərilməmişdir. Belə halların qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında 415 protokol tərtib edilərək aidiyyəti məhkəmələrə göndərilmiş və bununla bağlı 364 bələdiyyə sədri (bəziləri isə hətta iki dəfə) inzibati məsuliyyətə cəlb edilmişdir.
Prokurorluğa göndərilmiş 26 materialdan 7-si üzrə cinayət işi başlanmış, onlardan 3-ü üzrə istintaq yekunla-şaraq müvafiq məhkəmələrə göndərilmiş, bir cinayət işi üzrə artıq ittiham hökmü çıxarılmışdır. Həmçinin bir material üzrə cinayət işinə xitam verilmiş, 3 material üzrə cinayət işinin başlanması rədd edilmiş, digərləri isə baxılmaqdadır. Hüquq pozuntularının profilaktikası məqsədi ilə hər bir fakt üzrə onları doğuran səbəb və şərait təhlil edilmiş, həmin pozuntulara yol verilmiş bələdiyyələrə müvafiq tövsiyələr göndərilmişdir.
Verilmiş tövsiyələr bələdiyyələrdə Ədliyyə Nazirliyi əməkdaşlarının iştirakı ilə müzakirə edilərək pozuntuların aradan qaldırılması və gələcəkdə təkrar edilməməsi üçün zəruri tədbirlər görülmüşdür. Bununla yanaşı, istintaq orqanlarının 9 təqdimatı bələdiyyələrdə müzakirə edilmiş, müzakirələr nəticəsində qabaqlayıcı tədbirlər görülmüşdür.
Aparılmış təhlil və ümumiləşdirilmələr nəticəsində bələ-diyyələrin fəaliyyətinə aşağıdakı hüquq pozuntularının xarakterik olması müəyyən edilmişdir:
– bələdiyyə sədrləri tərəfindən vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə torpaq sahələrinin qanunsuz mülkiyyətə və icarəyə verilməsi;
– yerli büdcədən düzgün istifadə edilməməsi;
– icarə haqqının, vergi və ödənişlərin vaxtında və tam məbləğdə yerli büdcəyə ödənilməsinin təmin edilməməsi;
– sənədlərin saxtalaşdırılması;
– maliyyə sənədlərinin gizlədilməsi və ya məhv edilməsi;
– şəffaflığın təmin edilməməsi.
Bələdiyyə üzvləri və qulluqçuların maarifləndirilməsi məsələlərinə də xüsusi önəm verilmişdir. Bu məqsədlə kütləvi informasiya vasitələrinin imkanlarından geniş istifadə edilərək nazirliyin əməkdaşları mətbuatda çıxışlar etmiş, bələdiyyələri və əhalini maraqlandıran məsələlər barədə mütəmadi olaraq izahlar vermişlər. Eyni zamanda, “Bələdiyyənin normativ aktlarının bülleteni” buraxılmış, bələdiyyələr üçün zəruri olan metodik vəsait hazırlanmışdır.
Bütövlükdə bələdiyyə üzvü və qulluqçuları üçün 22 kurs keçirilmiş və həmin kurslara 2012-ci illə müqayisədə təx-minən 2 dəfə çox olaraq 862 dinləyici cəlb olunmuşdur.
Belə ki, 2013-cü ildə ilk dəfə olaraq Ədliyyə Akademi-yasının iştirakı ilə yerlərdə qısa müddətə 20 kurs keçirilmiş və həmin kurslara 812 (keçən il 452) nəfər cəlb olunmuşdur. Bölgələrdə tədris kurslarının təşkili bələdiyyə üzvləri və qulluqçuları tərəfindən böyük razılıqla qarşılanmışdır.
Eyni zamanda, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iki ixtisasartırma kursu təşkil edilmiş və həmin kurslarda 50 bələdiyyə üzvü və qulluqçusu iştirak etmişdir. İl ərzində respublika üzrə 4032 bələdiyyə üzvü və qulluqçu üçün mövzular üzrə 73 seminar keçirilmişdir.
Maarifləndirmə işində əməkdaşlığa önəm verilərək dövlət orqanları, qeyri-hökumət təşkilatları, bələdiyyələrin milli assosiasiyaları, beynəlxalq qurumlarla bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bütövlükdə il ərzində ölkə üzrə 120-yə yaxın maarifləndirmə tədbiri keçirilmiş və bu tədbirlərə 6500-dən çox (2012-ci illə müqayisədə 11 faiz çox) bələdiyyə üzvü və qulluqçusu cəlb olunmuşdur. Yerli özünüidarəetmə sahəsində həyata keçirilən bütün tədbirlər Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Bələdiyyələrlə iş sektoru, Milli Məclisin Regional məsələlər komitəsi bələdiyyələrin milli assosiasiyaları ilə əlaqəli şəkildə aparılmışdır.
Bələdiyyələrin milli assosiasiyalarının işində də xeyli irəliləyiş yaranmışdır. Onlar qanunvericiliyin təkmilləşdi-rilməsi, maarifləndirmə məsələlərində dövlət orqanları ilə fəal əməkdaşlıq etmiş, layihələr irəli sürmüş, bələdiyyələri layiqincə təmsil etmişlər. Avropa Şurası Yerli və Regional Hakimiyyətlər Konqresinin təşəbbüsü ilə hər il olduğu kimi, 2013-cü ildə də ölkənin bütün bələdiyyələrinin milli assosiasiyalarının təşkilatçılığı ilə 25 noyabr və 1 dekabr tarixlərində “Yerli demokratiya həftəsi” keçirmişlər. Həftə ərzində “açıq qapı” günləri keçirilmiş, yerli əhalinin ayrı-ayrı təbəqələri ilə görüşlərdə onların rəy və təklifləri, istəkləri öyrənilmiş, seçicilər qarşısında hesabatlar verilmişdir.
Beynəlxalq qurumlar tərəfindən yerli və regional idarə-etmə məsələləri ilə bağlı təşkil olunmuş bir sıra beynəlxalq seminarlarda nazirliyin əməkdaşları iştirak etmişlər.  Belə seminarlarda iştirak yerli və regional idarəetmə sahəsində qabaqcıl təcrübənin öyrənilməsi baxımından önəmli olmuş-dur.
2013-cü il mart ayının 14-də Avropa Şurası Yerli və Re-gional Hakimiyyətlər Konqresinin məruzəçiləri ilə Ədliyyə Nazirliyinin rəhbərliyinin görüşü keçirilmişdir. Görüş zamanı nümayəndələr 2012-ci il 17 oktyabrda Konqresin 23-cü plenar sessiyasında qəbul edilmiş Azərbaycana dair 326 saylı tövsiyənin icrası ilə maraqlanmışlar. Bələdiyyələrin statusunun dəqiqləşdirilməsi, dövlət orqanları ilə bələdiyyələr arasında vəzifə və səlahiyyət bölgüsünün aparılması, maliyyə mənbələrinin gücləndirilməsi, bələdiyyələr üçün təlimlərin keçirilməsi və digər məsələlər barədə onların sualları cavablandırılmışdır.
2013-cü il oktyabr ayının 28–31-də Fransanın Strasburq şəhərində keçirilən Avropa Şurası Yerli və Regional Ha-kimiyyətlər Konqresinin 25-ci plenar sessiyasında Azər-baycan nümayəndə heyəti iştirak etmişdir. Sessiyada müza-kirəyə çıxarılan “Avropanın xüsusi statuslu regionları və əraziləri” adlı məruzədə Naxçıvan Muxtar Respublikasının statusu xüsusi qeyd edilərək belə modelin tətbiqinin faydalı olduğu bildirilmişdir.
Göstərilənlərlə yanaşı, 2014-cü ilin may-noyabr aylarında ölkəmizin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi dövründə Yerli və Regional Hakimiyyətlər Konqresi Bürosunun növbəti iclasının Azərbaycanda keçirilməsi nəzərdə tutulur. Belə mötəbər tədbirin təşkil edilməsi yerli demokratiyanın daha da inkişafına müsbət təsir göstərəcək, həmçinin tədbirə qatılacaq çoxsaylı xarici qonaqların ölkəmizdə aparılan islahatlarla, eləcə də yerli özünüidarəetmə sahəsində görülmüş işlərlə yaxından tanış olmalarına imkan yaradacaqdır.
Gələcəkdə bələdiyyələrin işinin daha səmərəli təşkil olunması məqsədi ilə, hörmətli millət vəkilləri, belə bir təklifin nəzərə alınmasını məqsədəuyğun hesab edirik.
Konqresin  326 saylı tövsiyəsinə uyğun olaraq iqtisadi və sosial layihələrin həyata keçirilməsi məqsədi ilə subvensiyaların ayrılması ilə bağlı mexanizmin “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununda  təsbit edilməsi və bələdiyyələr tərəfindən verilən təkliflərin növbəti illər üçün dövlət büdcəsinin layihələri hazırlanarkən nəzərdən keçirilməsi bələdiyyələrin fəaliyyətində səmərəliliyi daha da artırardı.
Hörmətli deputatlar, çıxışımın sonunda qeyd etmək istər-dim ki, yola saldığımız 2013-cü ildə, dünyada çox mürək-kəb, gərgin proseslərin getdiyi, iqtisadi və maliyyə böhra-nının davam etdiyi bir vaxtda Azərbaycan, demək olar ki, bütün sahələrdə böyük uğurlara nail olmuşdur. Ölkəmizin hərtərəfli dinamik inkişafı təmin olunmuş, aparılan islahatlar daha da dərinləşmiş, onun beynəlxalq nüfuzu və rolu xeyli artmışdır. Əldə olunmuş uğurlar 2014-cü ildə də genişmiqyaslı nailiyyətlər üçün möhkəm zəmin yaratmışdır. Qarşıda duran bütün vəzifələrin, o cümlədən yerli demokratiyanın, bələdiyyə institutunun inkişafı ilə bağlı görüləcək işlərin həyata keçirilməsi bundan sonra da davam etdiriləcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.


Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Vilayət müəllim. Buyurun, zəhmət olmasa, əyləşin. Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin  sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, Ədliyyə Nazirliyinin Bələdiyyənin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqan, düşündüyümə görə, iki məsələni həll etməlidir. Onlardan birincisi bələdiyyələr tərəfindən yol verilən qanun pozuntularının qarşısını almaq, ikincisi bələdiyyələrin hüquqlarının pozulmasına yol verməməkdir.
Nazirlik birinci məsələ ilə bağlı lazımınca məşğul olur. Bugünkü məruzə də bunu bir daha sübut etdi. Qanunverici-likdə nəzərdə tutulmuş müddətlərdə və qaydada bələdiy-yələrin sənədləri alınır, təhlil olunur və müvafiq tədbirlər görülür. Nazirliyin xüsusi bölməsi böyük maarifləndirmə işləri aparır, bələdiyyə üzvləri və qulluqçuları üçün kurslar, təlimlər, seminarlar keçirir, metodik vasitələr hazırlanır, dərc edilir. Vilayət müəllimin də burada dediyi kimi, çox yaxşı haldır ki, bu il cəzalandırmadan daha çox profilaktika işlərinə diqqət yetirilibdir və bunun nəticəsi də o rəqəmlərdə görünür. Avropa Şurasının Yerli və Regional Hakimiyyətlər Konqresinin tövsiyələrini həyata keçirmək, bütövlükdə bələdiyyələrin fəaliyyətini Avropa standartlarına uyğunlaşdırmaq sahəsində ardıcıl iş aparılır.
İkinci məsələ – bələdiyyələrin hüquqlarının pozulmasının qarşısının alınması sahəsində fəaliyyət isə heç də ürəkaçan deyil. Əslində, mən bu işdə nazirliyə heç irad da tutmuram. Əfsuslar olsun ki, bütövlükdə cəmiyyət, hətta idarəetmə orqanları səviyyəsində bələdiyyələrə qarşı müəyyən laqeydlik mövcuddur.
Bir misal gətirim. Azərbaycanın bütün əhalisini və əra-zisini əhatə edən 1716 bələdiyyəyə 2013-cü ildə büdcədən 5,2 milyon manat dotasiya nəzərdə tutulub. Respublikada film çəkilişinə, – əfsuslar olsun ki, mən onun sayını bilmirəm, – 6,5 milyon manat vəsait ayrılmışdır. Bu barədə danışanda Maliyyə Nazirliyinin rəhbərliyi deyir ki, büdcə bələdiyyələrin maliyyələşdirilməsi üçün özünə öhdəlik götürməyibdir. Məgər kino çəkilişi ilə əlaqədar büdcənin öhdəliyi var? Məni düzgün başa düşün. Mən nə kino çəkilişinin, nə də bu sənətin inkişafının əleyhinəyəm. Bu barədə bizim dövlət proqramımız da var. Mən istəyirəm, iki sahənin xüsusi çəkisini nəzərə alaraq ona mütənasib mü-nasibətimiz olsun.
Yaxud digər bir misal. Azərbaycan Respublikası Prezi-dentinin fərmanına əsasən 2013-cü il 1 yanvar tarixinə kimi bütün bələdiyyələr dövlət reyestrinə daxil edilməli idi. Bir il bir aydan çox vaxt keçir, bir bələdiyyənin belə dövlət reyestrinə daxil edilməsi üçün sənədlər təqdim olunmayıb-dır. Ərazisi özünə məlum olmayan bələdiyyənin fəaliyyətini necə qiymətləndirmək olar? O, fəaliyyətini necə qurmalıdır? Başqa misallar da gətirmək olar.
Keçən iclaslarda bu barədə çox danışılıb. Ümumiləşdirə-rək deməliyəm ki, bir çox hallarda icra və digər orqanlar tərəfindən bələdiyyələrə təzyiqlər göstərilir, onların hüquq-ları pozulur. Bu haqda dediklərimizin, müzakirəmizin heç bir nəticəsi yoxdur. Dediyimiz faktlar elə burada da qalır. Mən əmin də deyiləm ki, burada səslənən iradlar söz sahib-lərinə çatdırılır. Ədliyyə Nazirliyi bu işlə məşğul deyil. Əd-liyyə Nazirliyinə müraciət edəndə deyirlər ki, bu bizim sə-lahiyyətimizə aid deyil, biz yalnız inzibati nəzarətlə məşğul oluruq. İnzibati nəzarət elə bu məsələni də əhatə edir.
Mən istəməzdim ki, burada bədbin əhvali-ruhiyyə yara-dım. Yaxşı işləyən bələdiyyələr də var. Misal üçün, Sum-qayıt bələdiyyəsində keçən il ərzində bələdiyyələrin xətti ilə 1 milyon 280 min manatlıq 110 layihə həyata keçirilibdir. Əlbəttə, bələdiyyənin fəaliyyətinə icra orqanları, ilk növbədə şəhərin icra başçısı tərəfindən dəstək verilməsə, imkan yaradılmasa idi, bu, mümkün olmazdı. Bizim nazirliklərimiz də məsələni belə kəskin qoyanda köməklik edirlər. Mən burada Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və SOCAR-ın fəaliyyətini qeyd etmək istəyirəm. Bu layihələrin böyük bir hissəsi onların köməyi və vəsaiti hesabına həyata keçibdir.
Misal üçün, Naxçıvanda bələdiyyələrə çox yaxşı müna-sibət var. Orada 180-nə yaxın bələdiyyə var. Onların hamısı binalarla təmin olunub. Onlara bütün o kommunikasiyalar verilibdir. 102 bələdiyyə üçün 3–4 otaqdan ibarət ofislər tikilibdir. Abşeron–Xırdalan bələdiyyəsində vəziyyət yaxşıdır. Binəqədi, Nizami, Yasamal və sair rayonları da qeyd etmək olar. Əfsuslar olsun ki, bu, bir qayda deyil, istisnadır.
Bu mənim sözüm deyil, bələdiyyələrin Azərbaycanda gedən demokratiya prosesinin bir hissəsi və böyük bir qolu olmasını ulu öndər deyibdir. Ölkənin gələcək inkişafında bələdiyyələrin rolunu nəzərə alaraq hesab edirəm, müzakirə zamanı deyilən faktlar müvafiq orqanlara göndərilməli və onların həlli tələb edilməlidir. Buna bənzər təkliflər əvvəllər də Milli Məclisdə səsləndirilibdir. Oqtay müəllim o vaxt çox yaxşı bir cavab verdi. Dedi ki, deputatın səsləndirdiyi hər fikir Milli Məclisin mövqeyi ola bilməz. Mən bununla tamamilə razıyam. Mən deputatların mülahizələrini və öz mülahizələrimi nəzərdə tutmuram. Mən o faktları nəzərdə tuturam ki, həqiqətən, öz həllini tapa bilmir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, illik məruzənin müzakirəsinə başlayırıq. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli sədarət, hörmətli həmkarlarım! Məruzədən göründüyü kimi, ötən il Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirmək, onlara hüquqi yardım, metodiki köməklik etmək kimi funksiyaları uğurla yerinə yetirmişdir. Yəni ona verilmiş səlahiyyətlər çərçivəsində bütün işləri görmüşdür ki, bələdiyyələr Azərbaycanda bir institut kimi möhkəmlənsin, mövqeyi güclənsin və bələdiyyələrlə vətəndaşlar arasında münasibətlər ən yüksək səviyyədə qurulsun.
Əlbəttə, mən də belə bir fikrin tamamilə tərəfdarıyam ki, bələdiyyələr yerli demokratiyanın inkişafında, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayır. Amma təəssüflər olsun ki, 15 il keçməsinə baxmayaraq, bələdiy-yələr bu funksiyanı arzuladığımız səviyyədə həyata keçirə bilmirlər. Əlbəttə, proses gedir və bələdiyyələrin fəaliy-yətinin daha yüksək səviyyədə qurulmasına mane olan amillər həm məruzədə, həm də hörmətli həmkarımız Arif Rəhimzadənin çıxışında lakonik şəkildə ifadə olundu.
Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzi bizim ona vermiş olduğumuz səlahiyyətlər çərçivəsində öz işini qura bilir. Lakin elə məsələlər var ki, Bələdiyyələrlə iş mərkəzi həmin sahələrə müdaxilə edə bilmir. Elə birinci, Arif müəllimin dediyi kimi, reyestr məsələsinin bu günə qədər həll olunmamasıdır. Digər məsələ mülkiyyəti təsdiq edən dövlət sənədinin bütövlükdə bütün bələdiyyələrə verilməməsidir. Təbii ki, dövlət tərəfindən dotasiya şəklində maliyyə vəsaiti verilir. Bu azdır və mən də o fikirlə şərikəm ki, bunun miqdarını artırmağa ehtiyac duyulur. Eyni zamanda, onun xərclənməsinə də xüsusi nəzarət tələb olunur.
Bununla bərabər, maliyyə mənbələrinin səlahiyyətlərə uyğun olaraq həyata keçirilməsində problemlər mövcuddur. Hələ də bələdiyyə maliyyə qanununun ona verdiyi səlahiyyət çərçivəsində maliyyə sistemini qura bilmir. Sözsüz  ki, bunun özünə də yeni yanaşma lazımdır. Yeni bir mexanizm hazırlanmalıdır ki, bələdiyyələr özləri özlərini maliyyələşdirə bilsinlər. Bu, son dərəcə vacibdir.
Yeri gəlmişkən, Bakı şəhərində icra başçılarının nəza-rətində Mənzil-İstismar İdarəsi deyilən bir qurum var. Bu, faktiki olaraq öz zamanını bitirmiş, sovet dövründən qalan bəlkə də axırıncı bir qurumdur ki, hələ də, necə deyərlər, dırnaqarası öz funksiyasını yerinə yetirir. Düşünürəm ki, bunların ləğvinə böyük ehtiyac var. Onların səlahiyyətində olan bir sıra məsələlərin – binaların təmizlənməsi, onların ətrafında abadlıq işlərinin aparılması və sairin bələdiyyələrə verilməsi, mənə elə gəlir ki, müsbət hal olardı.
Bələdiyyələrin fəaliyyətinin güclənməsi üçün, mənə elə gəlir ki, bizim Milli Məclisdə qəbul etmiş olduğumuz kifayət qədər qanunlar var. Bələdiyyələrin qanunvericilik bazası kifayət qədər möhkəmdir və deyərdim ki, üstün keyfiyyətlərə malik bir qanunvericilik bazamız var. Lakin həmin qanunların yerinə yetirilməsində problem var.
Yəqin, siz mənimlə razılaşarsınız ki, bələdiyyələrin işinin normal şəkildə qurulmasına ən ciddi maneəçiliyi törədən rayon icra başçılarıdır. Onlar, demək olar ki, bələdiyyələri özlərinin 5-ci təkərinə çevirməkdədirlər. Onlara müstəqillik verilmir. Nə qədər ki icra başçılarının bələdiyyələr üzərində bu cür qanundan kənar təsiri var, bələdiyyələrin müstəqil şəkildə inkişaf edib güclənməsi, düşünürəm ki, problem olaraq qalacaqdır. Ona görə buna birdəfəlik son qoymaq lazımdır. Elə etmək lazımdır ki, bələdiyyələr bir qurumdan, yəni Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzindən dediyimiz hüquqi yardım, metodiki kömək almaqla və inzibati nəzarət sistemi həyata keçirilməklə öz işlərini qursunlar.
Mənə belə gəlir ki, bələdiyyələrin işini gücləndirmək üçün həm də bələdiyyə sədrlərinin də seçkilər vasitəsi ilə seçilməsinə nail olmalıyıq. Onlar bələdiyyə üzvləri tərəfin-dən seçiləndə orada artıq kifayət qədər neqativ, subyektiv məqamlar yaranır. Əgər onlar da digər bələdiyyə üzvü kimi icra başçılarının hazırlamış olduğu siyahı ilə deyil, xalqın arasında  nüfuzu, hörməti olan insanların içərisindən seçilərlərsə, bu, məncə, bələdiyyələrin fəaliyyətini daha da gücləndirər.
Mən sözümün sonunda demək istərdim ki, bələdiyyələrin maliyyə imkanlarını gücləndirmək üçün onları regional layihələrə cəlb etmək lazımdır. Bələdiyyələrin regional layihələrə cəlb olunması, məncə, onların maddi vəziyyətini gücləndirərdi. Təqdim edilmiş illik məruzəni müsbət qiymətləndirirəm və onun qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hər il bələdiyyələrin fəaliyyətinə inzibati  nəzarəti həyata keçirən orqanın məruzəsi ilə biz həm də bələdiyyələrin fəaliyyəti, onların işinin təkmilləşdirilməsi, Azərbaycan cəmiyyətində real özünüidarə orqanına çevrilməsi barədə fikirlərimizi söyləməyə imkan qazanırıq. Təbii ki, bizim ölkədə bəzi insanlar elə düşünürlər ki, hər şey öz yolunda gedir və hər hansı bir tənqidə, hər hansı bir neqativ məsələnin açılmasına ehtiyac yoxdur.
Deputat həmkarımız hörmətli Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə mən bir qədər təəccüb-ləndim. Çünki cənab Prezident bu yaxınlarda müşavirədə bir fikir işlətdi ki,  mən xalqın xidmətçisiyəm. Ölkənin də əsas problemlərindən biri korrupsiyadır. Bu məsələdə cəmiyyətin nəzarəti, fəallığı özünü göstərməlidir ki, bunlar Azərbaycanda yavaş-yavaş azalsın. Özünü xalqın xidmətçisi hesab edən Prezidentin əksinə olaraq bəzi həmkarlarımız özlərini hansısa məmurların, qrupların xidmətçisi kimi göstərməyə çalışırlar.
Açığı, mən bir şeyi demək istəyirəm. Biz ona görə tənqid edirik ki, harada neqativ məsələlər varsa, aradan götürülsün. Ola bilsin ki, korrupsiya hər ölkədə var. Amma Allahsızlıq deyilən bir termin var. O həddə qədər məsələlər olur ki, onu söyləmək lazımdır.  Biz nəyi söyləyirik? Binaların bu qədər üzlük çəkilib, bu vəziyyətə gətirilib...
Sədrlik edən. Fazil müəllim, xahiş edirəm, mahiyyəti üzrə danışın. Söhbət illik məruzənin müzakirəsindən gedir.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Buyurun, mahiyyəti üzrə davam edin.
F.Mustafa. Ziyafət müəllim, üzr istəyirəm, onsuz da Siz mənə söz vermisiniz. Mən mahiyyəti üzrə danışıram. Xahiş edirəm, çıxışımı axıra qədər dinləyin, nə rəyiniz, iradınız olsa, sonda bildirərsiniz. Sözü belə kəsmək doğru deyil.
Mən hesab edirəm ki, insanlar gərək anlasınlar ki, tənqid dövlətin özünün xeyrinədir. Prezidentin birbaşa çağırışı budur ki, harada hansı problemlər var, göstərin və bunun üzərinə gedilsin. Ona görə biz deyirik ki, bu qədər Allahsız formada nəyinsə dağıdılmasının özü adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi, onun müdafiəçisi kimi çıxış etməyə təəccüblənmirəm, çünki artıq bu bir ənənəyə çevrilib. Bizim yazıları da,  hesab edirəm ki, bu formada təhlil etmək çox mənasız və yersizdir.
İkinci, bələdiyyələrlə bağlı nəyi demək istəyirəm? Burada Fəzail müəllim doğru qeyd etdi. Bələdiyyələrin  statusunu necə qaldıra bilərik? Bələdiyyələrin statusunu qaldırmaq üçün birinci, Bakı, Gəncə, Sumqayıt şəhərlərində bələdiyyə sədrlərinin seçilməsi məsələsini həll etməliyik. Yəni artıq əhalinin bələdiyyə institutuna seçki formasında qatılmasını təmin etməliyik. Adamlar bir canlanma görməlidirlər ki, bələdiyyə konkret iş görmək üçün bu qədər səlahiyyətlər əldə edir və sabah seçki yolu ilə bu məsələni həll edəriksə, məişətimizdə, həyatımızda müsbət dəyişikliklər baş verəcəkdir. 
Ədliyyə Nazirliyinin məlumatında kifayət qədər ciddi məsələlər var. Mən hər dəfə də vurğulayıram ki, bu fəaliyyət həm inzibati nəzarətin həyata keçirilməsinə, təcrübəsizliyin ortadan qalxmasına, həm də qanunvericiliyin təkmilləşməsinə köməklik edir. Burada səslənən təkliflər, fikirlər artıq kifayət qədər təcrübəli, hazırlıqlı, konkret bələdiyyə ilə işləyən bir quruma məxsusdur. Biz millət vəkili olaraq konkret bələdiyyənin nə iş gördüyü ilə bağlı tam şəkildə bilgiyə sahib deyilik, ora daxil ola bilmirik. Onun hansısa bir formada fəaliyyət göstərməsi haqqında informasiyalarımız məhduddur. Amma bu neqativ, yaxud da çatışmayan məsələləri bu qurum daha yaxşı görə bilir.  Ona görə də onun verdiyi təkliflər də peşəkarlıq baxımından bizim üçün faydalıdır ki, hər halda təkliflər səslənəndə göstərək.
Məsələn, sonda verilən təklifi mən də dəfələrlə Milli Məclisdə qaldırmışam. Dövlət büdcəsi hazırlananda bələdiyyələrin təklifləri nəzərə alınmalıdır. Hansı  vəsaitlərin ayrılması, hansı layihələrə dövlət büdcəsindən operativ vəsait ayrılmasına münasibətin ortaya qoyulması zəruridir ki, bələdiyyələr yerlərdə əhaliyə normal xidmət göstərə bilsinlər.
Biz mətbuatda oxuduq. Təbii ki, komitə üzvləri, çox hörmətli Arif müəllim də buna açıqlıq gətirər. Mənzil Məcəlləsinə görə, Mənzil-istismar idarələrinin səlahiyyəti artıq ləğv olunubdur. Onun səlahiyyətlərinin bələdiyyəyə verilməsi də müsbət bir addımdır. Yəni bu addımı atmaqla ən azı əhali ilə təmas quran orqanın bələdiyyə olduğu müsbət bir ənənəni ortaya qoyur. Artıq yüzlərcə adam bizə sual verir ki, biz pulu hara ödəməliyik. Bizə izah edin, Mənzil-istismar idarələri də pul istəyir, bələdiyyələr də. Vətəndaş çaş-baş qalıb. Neçə müddətdir, bilmir ki, konkret olaraq pulu hara ödəməlidir. Kim bir az qabağa düşdüsə, kim vətəndaşın qapısını erkən döydüsə, o da həmin vəsaiti alır. Ona görə də bu məsələlərdə də, məncə, bələdiyyələrə səlahiyyətin verilməsi vacibdir ki, ən azı bu qurumu dirçəltmək mümkün olsun. Mən, ümumiyyətlə, Ədliyyə Nazirliyinin bu məruzəsini əhatəli və kifayət qədər problemlərə toxunan bir hesabat kimi qiymətləndirirəm.
Bir məsələni də qeyd etmək istəyirəm. Biz ayda, ya da 2 ayda bir dəfə partiyamızın bələdiyyələrdə olan üzvlərini bir araya toplayırıq, onlardan fəaliyyətləri ilə bağlı bilgilər alırıq. Məni çox vaxt heyrətləndirir ki, kurslarda, xüsusilə də Ədliyyə Akademiyasının kurslarında və başqa seminarlarda iştirak edən bələdiyyə üzvləri qanunvericiliklə bağlı bizdən daha zəngin bir informasiyaya, biliyə sahib olurlar. Bu ənənəni də inkişaf etdirmək, seminarların sayını artırmaq lazımdır. Bu seminarlara da aparıcı adamlardan daha çox bələdiyyənin sıravi üzvlərinin, seminarlarda daimi iştirak etməyənlərin cəlb olunması hər halda onların daha savadlı, daha hazırlıqlı kadra çevrilməsinə şərait yarada bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çingiz Qənizadə.
Ç.Qənizadə. Çox sağ olun.  Təşəkkür edirəm, Ziyafət müəllim. Növbə mənə çatdığı üçün fürsətdən istifadə edib təklif etmək istəyərdim ki, bəlkə çıxışları 5 dəqiqəyə endirək. Mən özüm də 5 dəqiqədən artıq danışmaq fikrində deyiləm.
Sədrlik edən. Bu təklifə etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Demək, qəbul olundu. Buyurun, davam edin.
Ç.Qənizadə. Bələdiyyələrin  fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın bugünkü illik məruzəsini, hesabatını mən elə, əslində, belə də gözləyirdim. Görülən işlərin ardıcıllıqla, faktlarla, bu qədər dolğun və  əsaslandırılmış surətdə bizə çatdırılması bir daha onu göstərir ki, bu qurumun işi düzgün təşkil olunub və ümumiyyətlə, Ədliyyə Nazirliyində son illərdə aparılan uğurlu islahatların tərkib hissəsi kimi o da öz üzərinə düşən bütün vəzifələrin öhdəsindən layiqincə gəlir. Bu qurum artıq Avropa Xartiyasının 10-cu maddəsinin 3-cü bəndinə qoşulmaqla üzərinə çox böyük öhdəliklər götürüb. Belə hesab edirəm ki, onun bundan sonrakı fəaliyyətində Avropa Xartiyasının bütün tələblərinə əməl olunacaq və iş də buna uyğun qurulacaq.
Bu hesabatdan görünür ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən  bu qurum öz fəaliyyətindəki müəyyən boşluqları aradan qaldırmaq və gələcəkdə daha dolğun, daha səmərəli fəaliyyət göstərmək üçün bir çox qanunlara dəyişikliklərin edilməsi ilə bağlı təkliflər irəli sürübdür. Bunlar olduqca maraqlı təkliflərdir.
Bələdiyyələrdə işə qəbulla bağlı məsələnin də şəffaf, ədalətli və demokratik keçirilməsi üçün müsabiqə və digər qaydaların tətbiq edilməsi bizi çox sevindirir.
Bundan başqa,  qeyd etmək istəyirəm ki, bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən  bu qurumun  yerli özünüidarəetməni yaxşılaşdırmaq məqsədi ilə bələ-diyyə orqanlarına çoxsaylı təkliflər verməsi və bələdiyyələrin bu təkliflərə baxaraq müvafiq qərar qəbul edib bu barədə ona məlumat verməsi bu sahədə aparılan işin və qarşılıqlı əlaqələrin düzgün təşkilindən xəbər verir. Qabaqlar bəzən bələdiyyələrin bu təklifləri müzakirə edib-etmədiyindən qurumun heç xəbəri olmurdu. Bu baxımdan bələdiyyələrin konkret müddətdə quruma bu barədə hesabat verməsi olduqca düzgün bir addımdır.
Müraciətlərə baxılmasına biz diqqət yetirdikdə görürük ki, onların da sayı artıb, yəni bu qurumun, əslində, işi artmış hesab olunur. 1855 müraciətdən böyük əksəriyyəti  müsbət həll olunmuş və müvafiq orqanlara göndərilmişdir. Bu onu göstərir ki, qurumun effektiv bir iş rejimi var. Məlumdur ki, müraciətlərə baxılması həddən artıq böyük diqqət və zəhmət tələb edir. 
Bələdiyyələrin fəaliyyətində pozuntuların qarşısının alınması üçün 3445 tövsiyə verilmiş, 3460 hektar torpaq sahəsinin qanunsuz ayrılmasının qarşısı alınmış, xüsusi mülkiyyətə qanunsuz verilmiş 3196  hektar torpaq sahəsinin geri qaytarılması təmin olunmuş, ümumiyyətlə, minlərlə hektar bu cür torpaq sahəsi bələdiyyə mülkiyyətinə qaytarılmışdır.
Eyni zamanda, mən bir şeyi də qeyd etmək istəyirəm. Bələdiyyə üzvlərinin ixtisaslarının artırılması üçün onların müvafiq kurslara göndərilməsi, bu istiqamətdə onlarla iş aparılması olduqca vacibdir. Çünki bu sahədə maariflən-dirmə işi aparılmadıqca elə bir əhəmiyyətli irəliləyiş əldə edə bilməyəcəyik.
Hesabatda göstərilir ki, özünüidarəetmə sahəsində görü-lən bütün tədbirlər Prezident Aparatının və Milli Məclisin müvafiq komitə və şöbələri ilə əlaqəli şəkildə həyata keçirilir. Bu çox düzgün addımdır. Çünki belə bir əmək-daşlıq şəraitində nə qədər çox müzakirələr olarsa, bu sahədə bir o qədər uğurlu nəticələr əldə edə bilərik.
Hörmətli Vilayət müəllim illik hesabat məruzəsində iqti-sadi və sosial layihələrin həyata keçirilməsi üçün subsidi-yaların ayrılması məsələsinə də toxundu və “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda gələcəkdə bunun nəzərə alınmasını xahiş etdi. Mən belə hesab edirəm ki, parlamentarilər gələcəkdə bu təklifə diqqətlə baxacaq və müzakirədə müsbət nəticə əldə ediləcəkdir.
Bir şeyi qeyd edim ki, mən artıq 10 ildir, Ədliyyə Nazirliyi yanında Penitensiar Xidmət üzrə İctimai Nəzarət Komitəsinin üzvüyəm. İndi elə yeri gəlmişkən üzümü Ədliyyə Nazirliyinin burada iştirak edən rəhbərlərinə tutub demək istəyirəm ki, parlament “İctimai iştirakçılıq haqqın-da” Qanun qəbul edib. Bu qanuna görə yerli özünüidarəetmə orqanlarında da ictimaiyyətin iştirakı nəzərdə tutulub. Hesab edirəm ki, bu qurum gələcək fəaliyyətində bunu nəzərə alacaq və ictimaiyyətin yerli özünüidarəetmə orqanlarında fəaliyyətinə şərait yaradan addımlar atacaqdır.
Sonda mən bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik hesabatını müsbət dəyərləndir-diyimi bildirir və həmkarlarımı da ona səs verməyə çağı-rıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputat həmkarlar, media mənsubları! Mən çıxışı-mı xoş notlarla başlamaq istəyirəm. Bu gün  Avropada, dünyanın bir çox ölkələrində, elə Azərbaycanda da Sevgililər günü qeyd olunur. Mən bütün sevənləri, sevilənləri təbrik edir, onlara, xüsusilə də gənclərimizə xoşbəxtlik arzulayıram.
Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın builki hesabatı ilə tanış olduq. Mən hesab edi-rəm ki, bu qurum, doğrudan da, çox ciddi iş görür. Ölkədə yeni bir təbəqənin – bələdiyyə üzvləri və qulluqçularının hazırlanması üçün çox böyük əmək sərf olunur. 
Yaxşı hal ondan ibarətdir ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu tərəfindən beynəlxalq təşkilatlarla, xüsusilə də Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə, Azərbaycanın ayrı-ayrı dövlət qurumları,  məsələn, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası ilə, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bələdiyyə idarəetməsi ilə bağlı problemlər, bu sahədə qanunvericiliklə bağlı ayrı-ayrı məsələlər üzrə geniş müzakirələr, çoxlu sayda seminarlar keçirilib. Burada mən rəqəmlərlə tanış oluram, 4 mindən artıq bələdiyyə üzvü və qulluqçusu bu kurslardan keçib. Bütün bunlar fərəhləndirici haldır.
Mən əvvəllər də bu cür hesabatların müzakirəsi zamanı söyləmişəm və burada Arif müəllim də dedi ki, Ədliyyə Nazirliyinin müvafiq qurumu bələdiyyələrin fəaliyyətinə ciddi nəzarət etsə də, onların hüquqlarını müdafiə etməkdə çətinlik çəkir. Mən bu qurumun rəhbəri Mehdi Səlimzadəni az-çox tanıyıram və əminəm ki, onun belə bir imkanı olsaydı, onların hüquqlarını da qoruyardı. Elə Arif müəl-limin özünün də səlahiyyətləri az deyil. Güman edirəm ki, Arif müəllimin də imkanları olsaydı, o da onları müdafiə edərdi. 
Amma məsələ nə bizim müvafiq komitədə, nə də  Ədliy-yə Nazirliyindədir. Məsələnin kökü siyasi qərarın qəbul olunmasındadır. Siyasi iradə lazımdır ki, bələdiyyələrin statusu artırılsın və icra orqanları ilə bələdiyyələr arasında olan paralellik aradan qaldırılsın. Məsələn, Arif müəllim qeyd etdi ki, Naxçıvanda, Abşeron rayonunda bələdiyyələrin fəaliyyəti yüksək qiymətləndirilir, müvafiq icra hakimiyyəti orqanları onların işinə köməklik edir, onların fəaliyyətinə dəstək verir. Amma başqa yerlərdə bu belə deyil.
Hesab edirəm ki, bunu biz yerli orqanların ümidinə buraxmalı deyilik. Yaxşı olardı ki, Arif müəllim “Bələdiy-yələrin statusu haqqında” Qanuna yenidən təkliflər hazır-lasın, Ədliyyə Nazirliyinin müvafiq qurumunun da fikirlərini öyrənsin, cəmiyyətdə yeni müzakirə açılsın və biz bələdiyyələrin statusunu qaldıraq. Əvvəl deyirdik ki, bələdiyyələrin statusu getdikcə genişlənəcək, hələlik bu təzə yaradılmış qurumdur, təcrübə yoxdur. Amma indi kifayət qədər təcrübə var, kifayət qədər bələdiyyə qulluqçusu formalaşdırılıb, onlara yaxşı kurslar keçirilib, onlar yaxşı təlimatlandırılıb. Bu illər ərzində çoxlu sayda bələdiyyə üzvləri seçiliblər və bələdiyyə işinin nə olduğunu bilirlər.
Bələdiyyə sədrlərinin birbaşa seçilməsi bu sahədə işi nəinki yaxşılaşdırmayacaq, – bəzi həmkarlarım bu fikri son zamanlar gündəmə gətiriblər, – əksinə, vəziyyəti bir az da ağırlaşdıracaq. İndi bəzi bələdiyyə sədrləri onu seçən bələdiyyə üzvlərinin fikirlərini nəzərə almırlar. Onlar birbaşa seçilsələr, hesab edirəm ki, bələdiyyə üzvlərinin burada rolu artıq tamamilə minimuma enəcək. Demokratik inkişaf yolunda Azərbaycanın təcrübəsi o qədər də böyük deyil və demokratik ənənələr cəmiyyətdə hələ tam kök atmayıb. Ona görə də bu vəziyyətdə bələdiyyə sədrlərinin birbaşa seçilməsi doğru deyil.
Düşünürəm ki, bu gün Bakı şəhər bələdiyyəsinin yaradıl-masına çox böyük ehtiyac var və bu istiqamətdə müvafiq addımlar atılmalıdır. Təkrar edirəm, icra hakimiyyətləri ilə bələdiyyələr arasında paralellik aradan qaldırılmalı və bu səlahiyyətlər alınıb bələdiyyələrə verilməlidir. Belə olacağı halda bələdiyyələrin maliyyə imkanları da genişlənəcək və bu gün icra hakimiyyətləri üçün ayrılan və bir çox hallarda heç səmərəli də istifadə olunmayan kifayət qədər böyük vəsaitin kollegial qurum olan bələdiyyələr tərəfindən daha səmərəli xərclənməsinə imkan yaranmış olacaqdır.
Sədrlik edən. Hörmətli həmkarlar, mən istəyirəm, sizinlə məsləhətləşim. Bir xeyli həmkarımız çıxış eləyib və mən belə görürəm ki, çıxış eləyən həmkarlarımızın tam əksəriyyəti bu illik məruzəni bəyənir, qəbul edir. Həqiqətən də, kifayət qədər səviyyəli bir məruzə idi və Ədliyyə Nazirliyində fəaliyyət göstərən Bələdiyyələrlə İş Mərkəzi, həqiqətən, çox iş görüb. Ümumi mənzərə, demək olar ki, aydındır. Əgər təkid eləyən yoxdursa, bəlkə biz çıxışlara son verək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.27 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Vilayət müəllim, sağ olun, təşək-kür edirəm.
Gündəliyin ikinci məsələsi. “Rəsmi statistika sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Qlo-ballaşan dünyada Azərbaycan bir çox ölkələrlə beynəlxalq iqtisadi əməkdaşlığı genişləndirir. Belə bir şəraitdə o cümlədən Müstəqil Dövlətlər Birliyinə daxil olan ölkələrlə rəsmi statistika sahəsində əməkdaşlığın genişlənməsi mü-hüm əhəmiyyət kəsb edir. Bu saziş ölkələrimiz arasında statistika sisteminin təkmilləşməsinə xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, bu sazişə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 81
Yetərsay yoxdur

Səsvermənin nəticələrini göstərin. Yetərsay yoxdur. Xahiş edirəm, səsvermədə diqqətli olaq. Bir daha, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikası Prezidentinin və Belarus Respublikası Prezidentinin Birgə Bəyannamə-sinin təsdiq edilməsi haqqında qanun layihəsi. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov. Buyurun, Səməd müəllim.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Biz parlamentdə belə bəyanatların qəbul olunmasını həmişə dəstəkləmiş və onları iki dövlət arasında münasibətlərə xüsusi təsir göstərən bir sənəd kimi qiymətləndirmişik. Müzakirənizə təqdim olunmuş bu bəyannamə də belə sənədlərdəndir. İki prezident tərəfindən imzalanmış bu bəyannamə Azərbaycan–Belarus münasibətlərini yeni mərhələyə yüksəldən, xarici siyasətimizin əsaslarını, yəni Azərbaycanın ərazi bütövlüyünün tanınması, iki dövlətin beynəlxalq təşkilatlar səviyyəsində bir-birini dəstəkləməsi və sair kimi məsələləri əks etdirən, ölkələrimiz arasında iqtisadi, mədəni, idman əlaqələrini, bütün başqa sahələrdə əlaqələri ən yüksək səviyyəyə qaldıran bir sənəddir. Təbii, bizim komitə bu sənədin bu gün parlamentdə təsdiq olunmasının tərəfdarıdır və mən deputat həmkarlarımdan bu sənədə müsbət münasibət bildirmələrini xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Əgər çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, bəyannaməyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında pensiya təminatı sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Komitə sədri Hadi Rəcəbli. Buyurun, Hadi müəllim.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, dövlətlərarası sazişlər parlamentlərdə təsdiq olunandan sonra onların dövlət qanunlarından üstünlüyü təmin olunur. Bu saziş ölkələrimiz arasında pensiya təminatında müvafiq məsələləri tənzimləyir, bir sıra çətinlikləri aradan qaldırır. Məlumdur ki, lazımi iş stajı, habelə sığorta stajı əldə edən hər bir vətəndaş öz ölkəsində pensiya hüququ qazanır. Sazişdə deyilir ki, əmək fəaliyyətini köçüb yaşadığı Tərəf dövlətin ərazisində davam etdirən vətəndaşın əmək pensiyası hüququ müəyyən olunarkən hər iki Tərəf dövlətin ərazisində əldə olunmuş iş və sığorta stajı nəzərə alınır. Yəni o hər iki dövlətdə qazandığı pensiyaya uyğun olan pensiya ilə təmin olunur. Bu, olduqca önəmli bir sənəddir. Düşünürəm ki, deputat həmkarlarım buna böyük məmnuniyyətlə səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim, təşəkkür edirəm. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vergi qanunverici-liyinə əməl edilməsi məsələləri üzrə əməkdaşlıq və qarşılıqlı yardım haqqında” 2004-cü il 5 noyabr tarixli Sazişə əlavə və dəyişikliklər edilməsi barədə” Protokolun təsdiq edilməsi haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Həmkarlarım artıq qeyd etdilər ki, Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında bütün sahə-lərdə iqtisadi-siyasi əməkdaşlıq genişlənir. Bu əmək-daşlığın genişlənməsinə xidmət edən qanunlardan biri də vergi qanunvericiliyi barədə bu sazişdir. Millət vəkilləri artıq bu qanun layihələri ilə tanışdırlar. Xahiş edərdim ki, bu qanun layihəsinə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə bağlı Bəxtiyar müəllim Əliyev çıxış eləmək istəyir. Buyurun, Bəxtiyar müəllim.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Şübhəsiz ki, Belarus Respublikası ilə Azərbaycan Respublikası arasında hökumətlərarası səviyyədə bu sazişlərin imzalanması dövlətlərarası və hökumətlərarası münasibətlərin daha da yaxşılaşmasına və ticarət dövriyyəsinin artmasına, vətəndaşların hər iki respublikada fəaliyyətinin və hüquqlarının qorunmasına təminat verəcəkdir. Vergi sahəsində də, qanunvericilik sahəsində də, vergi orqanları arasında da əməkdaşlıq olduqca vacibdir və bu sazişə əlavə və dəyişikliklər edilməsini nəzərdə tutan protokol da, şübhəsiz ki, təsdiq edilməlidir. Burada günün tələblərinə cavab verən çox gözəl və olduqca vacib müddəalar nəzərdə tutulub.
Amma məni narahat eləyən başqa bir məsələ var. Bu gün iki ölkə arasında mal dövriyyəsində ciddi problemlər yaranır ki, bu da vergi ödəyicilərinin  və  vergi qurumlarının  özü  üçün  problem  yaradır.  Belarus  və  ya hər hansı bir digər ölkədən Azərbaycana daxil olan mallar, çox təəssüf ki, burada gömrükdən keçərkən müəyyən problemlər yaranır və malların həmin ölkədən, ilkin ölkədən gələn qiymətləri arasında fərqlər əmələ gəlir. Sonra bu mallar Azərbaycanda satılanda onların vergi dərəcələrinin ödənilməsində həm fiziki, hüquqi şəxslər, həm də bizim vergi qurumları üçün problemlər yaranır.
Bizim Dövlət Statistika Komitəsinin verdiyi məlumatlar-dan məlum olur ki, rəqəmlərdə çox ciddi fərqlər əmələ gəlir. Bu, hökumətlərarası görüşlərdə də dəfələrlə səslənib. Hökumətlərarası komissiyalarda bir ölkədən daxil olan statistik məlumatlar başqadır, Azərbaycanda isə bu tamamilə başqa rəqəmlərdir.
Ona görə mən hesab edirəm ki, bu protokol olduqca va-cibdir və biz onu təsdiq edəcəyik. Amma çox yaxşı olardı, Gömrük Komitəsinin də bu sahədə işlərinə bir yenidən ba-xılsın ki, ölkəyə daxil olan malların qiymətləri ilkin ölkədən daxil olduğu səviyyədə göstərilsin və gələcəkdə vergi orqanları ölkənin büdcəsinə vergilərin normal şəkildə daxil olmasını hüquqi cəhətdən təmin edə bilsinlər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Əgər başqa çıxış edən yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
6-cı məsələ. “Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Eldar Quliyev.
 
E.Quliyev, Milli Məclisin Aqrar siyasət komitəsi sədrinin müavini.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! 2013-cü il noyabrın 18-də Kiyev şəhərində Azərbaycan Respublikasının hökuməti ilə Ukrayna Nazirlər Kabineti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında saziş imzalamışdır. Sazişin məğzi tranzit nəzarətində olan materialların idxalı, ixracı, tranziti zamanı bitki və bitkiçilik məhsullarına ziyan vura bilən zərərli orqanizmlərin ölkə ərazisinə daxil olmasının qarşısının alınmasıdır. Saziş müvafiq Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq tərtib olunmuşdur. Millət və-killərindən xahiş edirəm ki, bu sazişin təsdiqinə səs ver-sinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə                0          
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının “Beynəl-xalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş”ə qoşulması haqqında. Eldar müəllim, buyurun.
E.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli həm-karlar, Azərbaycan Respublikasının “Beynəlxalq Üzüm və Şərab Təşkilatını təsis edən Saziş”ə qoşulması haqqında qanun layihəsi sizin müzakirənizə verilib. Məlumat üçün bildirim ki,1924-cü ildə imzalanmış bu beynəlxalq sazişin vasitəsilə 8 dövlətin yaratdığı Beynəlxalq Şərab Ofisi 1958-ci ildə  Beynəlxalq Üzüm və Şərab Təşkilatı adlandırılmışdır və onun hazırda 45 üzvü var. Azərbaycan Respublikasının bu sazişə qoşulması gələcəkdə üzümçülük və şərabçılığın ölkəmizdə inkişafına çox böyük xeyir gətirə bilər. Bilirsiniz ki, dünyada bu sahədə çox böyük monopoliyalar var. Azərbaycan bu sazişə qoşulmaqla öz məhsullarını dünya bazarlarına çıxara bilər. Hörmətli deputat yoldaşlardan xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrıl-masına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə. Arif Rəhimzadə buyursun.
A.Rəhimzadə. Sağ olun, cənab Sədr. Əsasnaməyə üç düzəliş edilibdir. Əsasnamənin 14-cü maddəsində deyilir ki, hüquqi və fiziki şəxslərin müraciətlərinə ərizənin daxil olduğu gündən etibarən 5 gün müddətində baxılır. Təklif olunur ki, burada “5” rəqəmi “15” rəqəmi ilə əvəz edilsin. Çünki 5 gün ərzində bu məsələ ilə əlaqədar bir çox araşdır-malar aparmaq lazım gəlir və o müddətdə bu məsələni həll etmək mümkün olmur.
İkinci düzəliş 16-cı maddəyə edilibdir. Bu, torpaq sahəsinin ayrılmasına dair müraciətə baxılması qaydasıdır. Həmin maddədə deyilir ki, bələdiyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab edir. Bu heç bir yükü olmayan amorf bir cümlədir. Eyni zamanda, bu bizim Konstitusiyanın 145-ci maddəsinə də uyğun deyildir. Təklif olunur, burada yazılsın ki, bələ-diyyə müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir.
Daha bir düzəliş 23-cü maddəyə edilibdir. Torpaq ayırma sənədlərinin hazırlanması və rəsmiləşdirilməsi qaydalarını əks etdirən bu maddə, əslində, yeni redaksiyada verilib. Köhnə redaksiyada bir çox məsələlər öz əksini tapmamışdı. Misal üçün, torpaq ayrılması haqqında bələdiyyə qərarının qəbul edilməsi, onun ərizəçiyə çatdırılması, torpağın dəyərinin ödənilməsi müddəti, hərrac yolu ilə ayrılmayan torpağın dəyərinin müəyyənləşdirilməsi, ərizəçiyə sənədlərin verilməsi və sairə. Qanun layihəsinə komitədə baxılıb və onun sizin müzakirənizə təqdim edilməsi tövsiyə olunubdur. Sağ olun.

Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.44 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
9-cu məsələ. “Torpaq bazarı haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Buyursun Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, “Torpaq bazarı haqqında” Qanunun 9-cu maddəsinin dördüncü hissəsində dəyişiklik nəzərdə tutulub. Burada “Alğı-satqı aktı tərtib edilir” sözləri “müqavilə bağlanır” sözləri ilə əvəz olunur. Millət vəkillərindən xahiş edərdim, qanun layihəsinin qəbul edilməsinə səs versinlər.
Sədrlik edən. Başqa təklif yoxdursa, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
10-cu məsələ. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklərdən ən vacibi bu məcəlləyə təklif olunan yeni bir maddədir. Bir çox mütərəqqi  Avropa ölkələrində  olduğu kimi, təklif olunur ki, Azərbaycanın da inzibati qanunvericiliyində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi öz əksini tapmış olsun.
Qeyd etmək istəyirəm ki, bu bütün xətalar üçün nəzərdə tutulmayıb. Konkret olaraq göstərilir ki, hansı maddələr üçün tətbiq oluna bilər. Bunlar o xətalardır ki, onu törətmiş şəxs (fiziki, hüquqi, vəzifəli şəxs) tərəfindən aradan qaldırılması mümkündür.  Beləliklə, əgər eyni inzibati xəta təkrar törədilməyibsə, yəni ilk dəfə törədilibsə, onda onun barəsində qərar qəbul edəcək səlahiyyətli orqan inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxarır. Amma bu inzibati xətanın nəticələri mütləq müəyyən bir dövr ərzində aradan qaldırılmalıdır.
Əlbəttə, bu, liberal və çox düzgün yanaşmadır, çünki dövlətin əsas məqsədi cəzalandırmaq deyil, həmin xətanın aradan qaldırılmasıdır. Bu daha çox profilaktik məqsəd daşıyır. Hesab edirəm ki, bu qanun layihəsində sadalanan maddələrlə bağlı dəyişikliklərin həyata keçirilməsi tamamilə mümkündür. Hörmətli millət vəkillərindən bu layihəyə səs verməyi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, çox düzgün dəyişikliklərdir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Prokurorluq haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli.  Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Azərbaycanda korrupsiyaya qarşı mübarizə ilə bağlı 2000-ci ilin əvvəllərində beynəlxalq standartlara tam cavab verən  yeni qanunvericilik bazası yaradıldı. 2004-cü ildə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanun qəbul olundu. Biz korrupsiyaya qarşı mübarizə ilə bağlı bütün beynəlxalq sənədlərə, konvensiyalara qoşulduq, milli qanunvericiliyimizi o konvensiyalara uyğunlaşdırdıq.
Bu dövrdə korrupsiyaya qarşı mübarizə üzrə ixtisaslaşmış orqanlar – Korrupsiyaya qarşı Mübarizə Komissiyası  və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi yaradıldı. Bu 10 il ərzində həmin idarənin müsbət fəaliyyəti həm ictimaiyyət, həm də cənab Prezident tərəfindən hər zaman nəzərə alınmış və qeyd olunmuşdur.
Korrupsiyaya qarşı cinayət təqibini həyata keçirən bu idarənin 2011-ci ildə parlamentdə qəbul etdiyimiz qanun-larla səlahiyyətləri bir qədər də genişləndirildi. Ona həm də əməliyyat-axtarış tədbirləri həyata keçirmək səlahiyyətləri verildi. Sonra cənab Prezidentin fərmanı ilə idarənin maddi-texniki təminatı gücləndirildi, işçilərinin vəzifə maaşları artırıldı. Nəhayət, bir qədər öncə – keçən il sentyabrın 30-da cənab Prezident Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni inzibati binasının açılışında oldu və ölkə ictimaiyyəti, vətəndaşlar da bu idarənin həm də yeni maddi-texniki təminatı ilə tanış ola bildilər.
Cənab Prezident tərəfindən təqdim olunmuş bu qanun layihəsi ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı həyata keçirilən islahatların, tədbirlərin tərkib hissəsi kimi Korrupsiyaya qarşı Mübarizə İdarəsinin səlahiyyətlərinin, strukturunun daha da genişləndirilməsi ilə bağlı mühüm bir layihədir. Həm “Prokurorluq haqqında”, həm də “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin genişləndirilməsi, onun baş idarə formasında təşkil edilməsi və bundan sonra həmin idarənin rəhbərinin Baş prokurorun müavini statusunda fəaliyyət göstərməsi ilə bağlı təklif olunan qanunvericilik sənədləridir.
Hesab edirəm ki,  Korrupsiyaya qarşı Mübarizə İdarəsi ixtisaslaşmış cinayət təqibi orqanı kimi öz səlahiyyətləri çərçivəsində indiyə qədər gördüyü işlərlə həm korrupsiyaya qarşı mübarizəyə öz töhfəsini vermiş, həm də ixtisaslaşmış orqan kimi fəaliyyətini  doğrulda  bilmişdir.  Bu  idarənin  strukturunun genişləndirilməsi, tərkibində yeni struktur bölmələrin yaradılması, rəisinin eyni zamanda prokurorluğun rəhbər strukturunda təmsil olunması, sözsüz ki, korrupsiyaya qarşı mübarizənin daha da gücləndirilməsinə və ölkə Prezidentinin bu sahədə müəyyən etdiyi siyasətin daha uğurla həyata keçirilməsinə xidmət edir. Əlbəttə, vurğulanmalıdır ki, hazırkı mərhələdə ölkəmizdə korrupsiyaya qarşı mübarizədə şəffaflığın gücləndirilməsinə daha çox üstünlük verilir, amma cinayət təqibi bütün ölkələrdə olduğu kimi Azərbaycanda da aktualdır və biz onun müsbət nəticələrini görürük. 
Əminəm ki, parlamentdə həmkarlarımız da ölkədə kor-rupsiyaya qarşı həyata keçirilən mübarizəyə dəstək vermək məqsədi ilə bu qanun layihəsini dəstəkləyəcək və o qəbul olunacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən məsələyə qısa münasibətimi bildirəcəyəm. Təklifi dəstək-ləyirəm və zəruri hesab edirəm. Korrupsiyaya qarşı Mü-barizə İdarəsi real fəaliyyət göstərən bir qurum olduğuna görə qanunvericilikdə nəzərdə tutulmalıdır. Onun yaradıl-masının əhəmiyyəti olduqca böyükdür.
Mən bu idarənin fəaliyyəti ilə tanış oldum. Burada çox böyük infrastruktur yaranıb, peşəkar kadrlar toplanıb. Ən çox diqqəti çəkən məsələ isə vətəndaşın rahat müraciət etmə imkanlarının yaradılmasıdır. Bu idarədə bu o qədər yüksək, mükəmməl səviyyədə qurulub ki, vətəndaş dövlət idarəsinə rahatlıqla, açıq şəkildə müraciət etmək fürsəti əldə edir. Bunu “ASAN xidmət”də də gördük, bir sıra dövlət qurumlarında da var. Bu, əlbəttə, dövlət fəaliyyətinin, icra orqanlarının şəffaflığı baxımından vacib amildir.
Amma bunun bir siyasi tərəfi də var. Məncə, Korrupsi-yaya qarşı Mübarizə üzrə Komissiyanın tərkibinə ictimai nüfuzu olan, cəmiyyətdə müstəqil tanınan şəxslərin, müxalifət təmsilçilərinin də daxil olmasını təmin eləməliyik. Bu ona görə vacibdir ki, dövlətin korrupsiyaya qarşı mübarizəsinin həm də siyasi tərəfləri Azərbaycan cəmiyyəti tərəfindən bir az inamla qarşılansın. İnansınlar ki, həqiqətən, dövlətdən asılı olmayan, müstəqil fikirli insanlar da bu komissiyanın tərkibində ən azı başqasının toxuna bilməyəcəyi sahələrə toxunmaq, məsələlər qaldırmaq imkanına sahibdirlər. Bunun nəzərə alınması, məncə, vacibdir. Çünki təkcə prokurorluq orqanları ilə bu işin irəli aparılması yetərli olmayacaq. İctimaiyyətin bu prosesə cəlb olunması, cəmiyyətin məsələdə aktiv rol alması hər halda bu sahədə neqativ halların ortadan qaldırılmasına kömək edə bilər. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən də layihəni dəstəkləyirəm. Deputat həmkarım Fazil Mustafanın dediklərinə qoşuluram.
Amma mən “Prokurorluq haqqında” Qanuna əlavə edilən 11-1-ci maddənin birinci hissəsi ilə bağlı konkret təklif vermək istəyirəm. Burada qeyd olunur ki, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyətini həyata keçirərkən normativ hüquqi aktlarda və onların layihələrində  korrupsiya hüquqpozmalarına şərait yaradan hallar müəyyən etdikdə onların aradan qaldırılması üçün Baş prokuror qarşısında məsələ qaldırır. Söhbət normativ hüquqi aktların həyata keçirilməsi zamanı aşkarlanan faktlardan gedirsə, bu, doğru müddəadır. Amma bunu qanun layihələrinə aid etmək olmaz. Axı idarə qanun layihələrini həyata keçirmir. Burada dispozisiya düzgün qurulmayıb. Onun üçün ayrılıqda yazmaq lazımdır ki, bu idarə həm də qanun layihələri ilə bağlı rəy verir. Bu başqa məsələdir. Buna diqqət yetirmək lazımdır.
Bundan başqa, ikinci hissədə qeyd olunur ki, Korrupsi-yaya qarşı Mübarizə Baş İdarəsi öz fəaliyyəti barədə Baş prokuror vasitəsilə Azərbaycan Respublikasının Preziden-tinə və Azərbaycan Respublikasının Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiyasına məlumat verir. Mən hesab edirəm ki, ya Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya, ya da bu idarənin özü Milli Məclisə hesabat verməlidir. Ona görə ki, Milli Məclis bu məsələdən kənarda qalmamalıdır və bu sahədə mübarizənin necə təşkil olunması haqqında ali qanunverici orqana mütləq hesabat verilməlidir. Mən bunun da buraya daxil olunmasını təklif edirəm.
Bundan başqa, hesab edirəm ki, Azərbaycan Respublika-sında yalnız bir baş idarənin yaradılması ilə korrupsiyaya qarşı effektli mübarizə təşkil eləmək mümkün olmayacaq. Regionlarda müvafiq ixtisaslaşmış məhkəmələr yaradıldığı kimi, bu sahədə müvafiq ixtisaslaşmış idarələr də yaradıl-malıdır. “Prokurorluq haqqında” Qanunun 8-ci maddəsi buna imkan verir. Bu maddənin ikinci hissəsində qeyd olunur ki, Baş Prokurorluq sistemində ərazi prokurorluqları, ixtisaslaşdırılmış prokurorluqlar və digər prokurorluqlar yaradıla bilər. Ona görə də düşünürəm ki, bu müddəanı Korrupsiyaya qarşı Mübarizə İdarəsinə də şamil etməklə regionlarda, məsələn, Lənkəranda, Şəkidə baş idarənin müvafiq idarələri yaradılsa, korrupsiyaya qarşı mübarizəni daha effektli təşkil eləmək mümkün olar. Mən bu təklifi verirəm.
Bundan başqa, Korrupsiyaya qarşı Mübarizə İdarəsinin nümayəndəsinin, prokurorun burada iştirak etməsindən istifadə edərək bir məsələni də qeyd etmək istəyirəm. Son vaxtlar çoxlu sayda insanlar, Oqtay müəllim, mənə müraciət edirlər ki, bizim bəzi özəl ali məktəblərdə 20 nəfərdən 17 nəfər kəsilir. Bunları uzada-uzada aparıb çıxarırlar dördüncü kursa qədər. Dördüncü kursda isə onlardan burada təhsil aldıqları 4 il müddətində alınmış məbləğdən bəlkə də dörd-beş dəfə artıq məbləğdə rüşvət alırlar. Deyirlər, yoxsa sizə diplom verməyəcəyik.
Prokurorluğun əməliyyat idarəsi var. Hesab edirəm, Kamran müəllim mənim müraciətimə diqqətlə yanaşacaq, müvafiq əməliyyat tədbirləri təşkil olunacaq. Necə ola bilər ki, bir qrupda 20 nəfərdən 17-si iki alsın? Onda bunun təqsiri ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasındadır, – bu uşaqların hamısı universitetlərə müvafiq qaydada qəbul olunur, – ya da tədris məqsədyönlü şəkildə sıfır səviyyəsində təşkil olunur, uşaqlar başlı-başına buraxılır, axırda da onların valideynləri bu cür problemlərlə üz-üzə qalırlar.
Mən hesab edirəm ki, bu barədə də prokurorluq orqanları müvafiq ölçü götürməlidir. Ona görə ki, bu çox həssas məsələdir. Bir çox imkansız ailələr, tələbələr bundan həddən artıq əziyyət çəkirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, Siz deyirsiniz ki,  bu qurum parlament qarşısında hesabat verməlidir. Par-lamentin nümayəndələri – üç deputat və bir şöbə müdiri korrupsiya komissiyasının üzvləridir. Bu məlumatlar həmişə olur. Biz o məlumatları istənilən vaxt ala bilərik. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təqdim olunan layihəni, təbii ki, mən də dəstəkləyirəm. Əli müəllim qanun layihəsi ilə bağlı geniş açıqlama verdi. Prezident cənab İlham Əliyevin ölkədə yürütdüyü siyasət ondan ibarətdir ki, cəmiyyətdə bütün neqativ halların aradan qaldırılması üçün hər birimiz bu yolda öz töhfəmizi verməliyik. Azərbaycan Respublikasının prokurorluq orqanlarına gəlincə düşünürəm ki, son 10 ildə onlar öz işlərini kifayət qədər yüksək səviyyədə qura biliblər. Qanun çərçivəsində bütün neqativ hallarla bağlı aparılan işləri biz hər birimiz görürük.
Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yaradılması da bu istiqamətdə aparılan işlərin məntiqi nəticəsidir. Bu idarəyə vətəndaşların rahat müraciət etməsi üçün yaradılan şəraiti biz öz gözlərimizlə görmüş, işə necə bir ciddiyyətlə yanaşıldığının canlı şahidi olmuşuq. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli müəllimlə birgə orada olub o şəraiti yaxından izləyə bilmişik. Ciddi peşəkar kadrlardan təşkil olunmuş bu idarədə vətəndaşların müraciəti üçün tamamilə asan bir şərait və işə çox ciddi yanaşma var. Orada hər bir peşəkar hüquqşünas məsələyə öz mövqeyini bildirə bilir. Ölkənin Baş prokuroru bu isti-qamətdə bugünkü siyasətə uyğun ciddi addımlar atır.
Bir tərəfdən “ASAN xidmət”in yaradılması, digər tərəf-dən dövlətin korrupsiyaya qarşı mübarizə sahəsində atdığı ciddi addımlar bizim hər birimizi inandırır ki, bu gün ölkədə hələ ki, mövcud olan korrupsiya hallarına qarşı ictimaiyyətin köməyi ilə aparılan təsirli mübarizə hökmən öz müsbət nəticəsini göstərəcəkdir. O problemləri yaradan insanlar başa düşməlidirlər ki, bu ciddi yanaşma qarşısında öz mövqelərini dəyişməlidirlər.
Mən  təqdim olunan layihəni dəstəkləyir və hörmətlə ya-naşdığım Baş prokurora, onun hər bir işçisinə bundan sonra da böyük uğurlar arzu edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov.  Təşəkkür edirəm, hörmətli Sədr. Mən bu qanuna səs verəcəyəm və deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi, doğrudan da, qısa müddət ərzində Azərbaycanın ictimai-siyasi həyatında fəal rol oynayan bir quruma çevrilmiş, korrupsiyaya qarşı mübarizə sahəsində çox böyük işlər görmüşdür. Ən təqdirəlayiq hal ondan ibarətdir ki, bu qurum mütəmadi olaraq cəmiyyət qarşısında hesabat verir. Hər altı aydan bir, üç aydan bir onun hesabatlarını dinləyirik. Bu məlumatlar istər televiziya, istər mətbuat orqanları, istərsə də internet saytları vasitəsilə ictimaiyyətə çatdırılır. Burada həmkarlarımın da qeyd etdiyi kimi, bu idarəyə həm müraciət etmək həddindən artıq asandır, həm də bu işlərin həyata keçirilməsində professionallıq göz qarşısındadır.
Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizə aparmaq hər bir vətəndaşın borcudur. Burada qeyd olundu ki, bu, sahəvi də olsun və sair. Mən hesab edirəm ki, hər bir struktur, hər bir insan, hər bir vətəndaş bu bəlaya qarşı mübarizə aparmalıdır. Ölkə Prezidenti keçirdiyi bütün müşavirələrdə bu məsələlərə toxunub və korrupsiyaya qarşı mübarizəni dövlətin uğurlu inkişafı üçün ən əsas şərtlərdən biri hesab edib. O, regionların sosial inkişafı ilə bağlı olan son çıxışında da bu məsələni bir daha vurğuladı və bunun qarşısının alın-ması üçün bütün strukturların səfərbər olmasını tələb etdi.
Biz bu sahədə bir sıra beynəlxalq konvensiyalara da qoşulmuş və korrupsiyaya qarşı mübarizənin aparılmasının vacibliyini önə çəkmişik. Sözsüz ki, bu strukturun genişləndirilməsini, onun tərkibində müvafiq bölmələrin yaradılmasını, struktur rəhbərinin vəzifəcə prokurorluq rəhbərliyinə daxil edilməsini də təqdirəlayiq hal hesab etmək olar.
Bizdə Korrupsiyaya qarşı Mübarizə üzrə Komissiya da fəaliyyət göstərir və Azərbaycanda olan bütün qanunverici, icraedici, məhkəmə strukturlarının nümayəndələri orada təmsil olunublar. Həmin komissiyanın yanında QHT-lərin təmsilçilərindən ibarət işçi qrupu da var ki, bu da bir daha ictimaiyyətin bilavasitə korrupsiya komissiyasının işində iştirakına dəlalətdir. Mən hesab edirəm ki, ictimaiyyət bu işçi qrupunda təmsil olunmuş qeyri-hökumət təşkilatları vasitəsilə də burada görülən işlər barədə məlumatlandırılır.
Bir məsələyə də toxunmaq istəyirəm. Hörmətli həmkarım Qüdrət müəllim burada məsələ qaldırdı, dedi ki, Korrupsi-yaya qarşı Mübarizə Baş İdarəsi normativ hüquqi aktlarda və onların layihələrində korrupsiya hüquqpozmalarına şərait yaradan hallar aşkarladıqda niyə Baş Prokurorluğa müraciət etməlidir? Bilirsiniz ki, bizdə Baş Prokurorluq qanunvericilik təşəbbüsü ilə çıxış etmək hüququna malikdir. Əgər belə hal aşkarlanırsa və idarə dərhal Baş prokuror qarşısında məsələ qaldırırsa, Baş Prokurorluq qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının  parlamentinə müraciət edir və parlament də müvafiq olaraq o qanunvericilikdə düzəlişlər və əlavələr həyata keçirir. Ona görə də mən təklif edirəm ki, biz bu vacib qanuna səs verib onu qəbul edək və bu idarənin fəaliyyətinə uğurlar arzulayaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucun ürəyində qalmasın, o da sözünü desin.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr! Mən hörmətli həmkarım Siyavuş Novruzovun fikirlərini bölü-şərək onları bir növ davam elətdirmək istəyirəm.
Bu gün publisistik, siyasi, hüquqi yanaşmalarda bu mövzu dartışılır ki, biz mental olaraq, doğrudanmı, rüşvətə meyilliyik. Yəni hər hansı bir xalqın təbiətində korrupsiyaya xüsusi bir meylmi var? Bu mövqeyi tarixə müraciət etmək, hansısa bir klassik şairimizdən misallar gətirməklə bəzəmək istəmirəm. Bu epitetlərlə biz normal bir hüquqi mövqeyə gəlməyəcəyik. Mənim şəxsi mövqeyim bundan ibarətdir ki, əslində, biz bir cəmiyyət olaraq bir tərəfdən hər hansı bir korrupsioneri pisləyirik, onu görmək istəmirik, o biri tərəfdən isə bəzən onu başqa hallarda qəbul edir, sanki mənə toxunmayan ilan min yaşasın prinsipi ilə hərəkət edirik. Ona görə də Siyavuş Novruzov haqlı olaraq qeyd edir ki, hər bir vətəndaşın bu məsələdə bir təşəbbüskarlığına, mövqeyinə ehtiyac var.
Amma gəlin görək biz mental olaraq buna necə münasibət bəsləyirik. Rusiya son dövrlər bu mövzunun üzərində düşünür ki, hər hansı korrupsiya faktı barədə zəng vurub məlumat çatdıranı mükafatlandırsınlar. Azərbaycan cəmiyyətində bunu kim etsə, çuğulçu, satqın, xəyanətkar, xəbərçi, işverən və sair adı ilə damğalanacaqdır. Deməli, bizdə bu məsələyə yanaşmanın özü kifayət qədər fərqlidir.
İkinci, mən, ümumiyyətlə, düşünürəm ki, hər hansı bir korrupsioneri cəzalandırmaq, yaxud onu işdən qovmaq bizi ən son nəticəyə aparıb çıxarmır. Baxın, bu illər ərzində belə hallar da kifayət qədər çox olub. Rüşvət alan bir adamı başqa biri ilə əvəz etmək o demək deyil ki, bununla da dərhal həmin sahədə, strukturda sistem köklü surətdə dəyişib şəffaflığa qovuşacaqdır, yox! Mənə elə gəlir ki, cənab Prezident daha unikal, daha inqilabi bir yol seçdi.
Hörmətli Əli müəllim keçmişlərdə maraqların, məna-felərin toqquşması haqqında məsələni çox qeyd edirdi. Bu çox mühüm bir məsələdir. Yəni bunun mahiyyəti təxminən belədir ki, qovursan, işdən çıxarırsan, hansısa hüquq mü-dafiə təşkilatı yaradaraq hakimiyyətin əleyhinə çevirirlər. Oğurlanmış vəsaitlərdən kiçik bir hissəsini müəyyən adam-lara verir və beynəlxalq strukturlarda Azərbaycanın adını hansısa indekslərlə önə çıxarırlar. Özü də yeri gəlmişkən deyim ki, həmin o Amnesty İnternational, Human Rights Watch və Azərbaycanın adını siyahıda o yerə qoyan sair təşkilatlar neft və qazla bağlı gəlib bizdən nə isə istəyir və onu istədikləri şərtlərlə ala bilməyəndə Azərbaycana qarşı bu cür təzyiq vasitələrindən istifadə edirlər.
Nə demək istəyirəm? Yəni bu məsələdə dövlət tərəfindən daha fərqli yol seçildi, “ASAN xidmət” strukturu yaradıldı. Düşünürəm ki, bu çox önəmli idi, yəni mənafelərin toqquşmasının daha sivil tənzimlənməsi idi. İndi bir çoxlarında təsəvvür var ki, dünənə qədər ictimai sektorda, xidmət sektorunda bizdən rüşvət istəyənlərin səlahiyyətləri alınıb “ASAN xidmət”ə verilən kimi bunlar dəyişdilər. Onlar həmin adamlardır da, yeni adamlar deyil ki. Deməli, fərqli iş metodları ilə bu bəladan xilas olmaq mümkündür və cənab Prezident bu yolu seçibdir. Dünənə qədər “ASAN xidmət”in 25 sahə üzrə xidmət səlahiyyətləri var idisə, 3 gün öncəki qərarla bu səlahiyyətlər daha da artırıldı və düşünürəm ki, bu proses davam etməlidir.
Mən Korrupsiyaya qarşı Mübarizə İdarəsindən bir-iki gözləntilərimi söyləmək istəyirəm. Bayaq dediyim kimi, o damğa ilə özüm suçlandırılmasam. Hərbi sistem haqqında cəmiyyətə, bəzən mediaya müxtəlif faktlar, məlumatlar çıxır. Əsgərlərlə zabitlər arasında baş verən münaqişələrin çözülməsi üçün yaradılmış hərbi təhqiqat bölmələri var. Bu bölmələr cəmiyyətin nəzarətindən, ictimai nəzarətdən tamamilə kənar, sanki qapalı strukturlardır. İlk mərhələdə əsgərlərlə hansısa münasibətlərə məhz həmin qurum gedir. Əgər istədiklərinə nail ola bilmirlərsə, yalnız ondan sonra materiallar hərbi prokurorluğa göndərilir. Mən hesab edirəm ki, hərbi sistemə, Silahlı Qüvvələrə ən böyük xələl gətirən qurumlardan biri də o təhqiqat bölmələridir. Bunların işi tamamilə fərqli əsasda qurulmalıdır.
Hörmətli həmkarım Qüdrət Həsənquliyev təhsil sfera-sında olan korrupsiya problemlərindən danışdı. Mən düşü-nürəm ki, Azərbaycanda tələbə qəbulu şəffaf qaydada həyata keçirilir. Bizim o quruma rəhbərlik edən hansısa bir şəxsdən...
Sədrlik edən. Zahid müəllim, 5 dəqiqə demişik. Bəsdir, fikirlərini dedin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı, 1 dəqiqə vaxt verirəm.
Z.Oruc. Mən bunu ona görə söylədim ki, keçmişdə qəbul imtahanından keçə bilməyənlərin kütləvi olaraq hamısı Azərbaycan təhsilində vəba və taun olan Beynəlxalq Universitetə gedirdi. Bu gün diplomsuz qalanlar da onlardır. İndi onların böyük əksəriyyəti guya Ukraynada təhsilə qurşanıbdır. Azərbaycanda çoxlu bu cür kontorlar yaradılıb. Onlar guya Ukraynada təhsil adıyla adamların külli miqdarda vəsaitlərini alırlar. Sonra bu adamlar işə düzəlmək üçün müxtəlif qapılara gəlirlər və sair. Ona görə mən hesab edirəm ki, bundan sonrakı dönəmdə biz – cəmiyyət, dövlət, parlament bu bəlaya qarşı birgə mübarizə aparmalıyıq. Sağ olun.
Sədrlik edən. Hər şeyi dedin, axırda demədin, səs verəcəksən, ya yox.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay sağ ol. Bu başqa məsələ. Bir də deyirsən ki, bizdən rüşvət istəyirlər. Səndən rüşvət istəyə bilərlər?
Hörmətli millət vəkilləri, bu layihəni səsə qoymamışdan qabaq deyim ki, həqiqətən, Baş prokuror yanında Korrup-siyaya qarşı Mübarizə İdarəsinin işi həmişə təqdirəlayiq olub. Biz həmişə bunun şahidi olmuşuq. Mən inanıram ki, bu idarənin səlahiyyətlərinin artırılması korrupsiyaya qarşı mübarizənin gələcəkdə daha da güclənməsinə xidmət edəcəkdir. Təklif edirəm, səs verməzdən qabaq imkan yaradaq, Kamran Əliyev deputatlara bu qurum, onun  yeni binası, oradakı imkanlar haqqında qısaca məlumat versin, sonra səsverməyə keçək. Buyurun, Kamran müəllim.
K.Əliyev, Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsinin rəisi.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə icazə verin, hörmətli Sədr, həm Sizə, həm də burada bu məsələnin müzakirəsində çıxış etmiş millət vəkillərinə Korrupsiyaya qarşı Mübarizə İdarəsi, ümumiyyətlə, prokurorluq orqanları haqqında söylədikləri xoş sözlərə görə öz təşəkkürümü bildirim. Mən hesab edirəm ki, bu gün müzakirə etdiyimiz qanun layihəsinə biz ölkə başçısı cənab İlham Əliyevin korrupsiyaya qarşı mübarizə sahəsində həyata keçirdiyi siyasətin tərkib hissəsi kimi baxmalıyıq.
Bildiyiniz kimi, Korrupsiyaya qarşı Mübarizə İdarəsi Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 3 mart tarixli Sərəncamı ilə yaradılmış və 2005-ci ildən fəaliyyətə başlamışdır. 2011-ci ildə bayaq hörmətli Əli müəllimin qeyd etdiyi kimi, artıq Korrupsiyaya qarşı Mübarizə İdarəsinə yeni səlahiyyət, əməliyyat-axtarış fəaliyyətinin həyata keçirilməsi səlahiyyəti də verilmişdir. Bu dövr, yəni 10 il ərzində idarə tərəfindən aşkarlanmış korrupsiya cinayətlərinin və istintaq olunmuş cinayət işlərinin sayı daha da artmışdır və artan tendensiya ilə inkişaf edir. Bu onu göstərir ki, korrupsiya cinayətlərinin aşkar olunmasında xüsusi bir fəallıq vardır.
Mən burada bir faktı qeyd etmək istəyirəm. Ümumiy-yətlə, ölkədə, ölkənin siyasi rəhbərliyi səviyyəsində və biz peşəkarlar səviyyəsində korrupsiyaya qarşı mübarizə sahə-sində görülən işlər bütün ixtisaslaşmış beynəlxalq qurum-ların hesabatlarında da öz əksini tapmışdır. Məsələn, Trans-parency İnternational – Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatlarında Azərbaycan Respublikası  ildən-ilə öz möv-qelərini daha da yaxşılaşdırmış və sonuncu, 2013-cü ilin hesabatına görə artıq 28 balla 12 pillə irəliləmişdir. İqtisadi İnkişaf və Əməkdaşlıq Təşkilatının hesabatlarında, Avropa Şurasının Korrupsiyaya qarşı Mübarizə Aparan Dövlətlər Qrupu – GRECO-nun hesabatlarında da bizim göstəricilər ildən-ilə yaxşılaşmaqdadır. Ölkəmizdə həyata keçirilən bu islahatlar və yaxşı investisiya mühitinin yaradılması həmçi-nin Avropa Yenidənqurma və İnkişaf Bankının son hesa-batlarında təqdirəlayiq hesab olunur.
Təbii ki, görülən işlər kifayət deyil, qarşıda duran işlər daha çoxdur. Bildiyiniz kimi, ölkə başçısı cənab İlham Əliyev 2013-cü il sentyabr ayının 30-da Prokurorluq işçilərinin peşə bayramı ərəfəsində Korrupsiyaya qarşı Mübarizə İdarəsinin yeni binasının açılış mərasimində idarə əməkdaşları qarşısında çıxış edərək bu sahədə öz tapşırıqlarını vermiş və sonuncu dəfə 2014-cü il 5 fevral tarixində regionların sosial-iqtisadi inkişafına həsr olunmuş müşavirədə korrupsiyaya qarşı mübarizədə qarşımızda duran yeni hədəfləri müəyyən etmişdir.
Hesab edirəm ki, bu gün burada müzakirə olunan qanun layihəsi əgər qəbul olunarsa, “Prokurorluq haqqında” Qa-nuna olan dəyişikliklər korrupsiyaya qarşı mübarizə sahə-sində prokurorluq orqanlarının və o cümlədən bizim idarənin məsuliyyətini daha da artıracaqdır. Biz bunu birinci növbədə prokurorluq orqanlarına böyük etimad və eyni zamanda, məsuliyyət kimi qəbul edirik. Diqqətinizə görə təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Kamran müəllim. Xahiş edirəm, “Prokurorluq haqqında” Qanunda dəyişikliklər edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.17 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Sonuncu məsələ. “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Əli müəllim, xahiş edirəm.
Ə.Hüseynli. Cənab Sədr, bu qanun layihəsi “Prokurorluq haqqında” artıq qəbul etdiyimiz Qanunla üzvi surətdə bağlıdır. Oradakı normalar, təbii ki, “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Qanuna da köçürülməlidir. Çünki xidməti tənzimləyən qanun budur. Mən millət vəkillərindən faktiki olaraq mahiyyəti eyni olan bu layihəyə də səs verməyi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Ümumiyyətlə, hörmətli millət vəkilləri, Azərbaycan Respublikası  Prokurorluğunun işi, onun iş forması həmişə biz tərəfdən təqdirəlayiq hesab olunmuşdur. Mən inanıram ki, bu gün qəbul etdiyimiz qanunlar Azərbaycan Respubli-kası  Prokurorluğunun işini daha da gücləndirəcəkdir. İcazə verin, sizin adınızdan Kamran müəllimi təbrik edək. İnşal-lah, cənab Prezident bu barədə sərəncama qol çəkəndən sonra idarə artıq Baş İdarə olacaq. Sizi bir daha təbrik edir, gələcək işlərinizdə müvəffəqiyyətlər arzulayıram. Sağ olun.

 

 

EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ

14 fevral 2014-cü il
__________

Sədaqət Vəliyeva. Mən Prezident İlham Əliyevin fevral ayının 5-də Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunan konfransdakı nitqindən irəli gələn və cəmiyyətimiz üçün aktual olan korrupsiya ilə mübarizə və məmurların davranışı məsələsinə toxunmaq istərdim.
Bu bir faktdır ki, bu gün dövlətin əsaslarını sarsıda və ölkənin imicini zərbə altında qoya biləcək bu sosial bəlaya qarşı Azərbaycanda sistemli mübarizə aparılmaqdadır. Bu məqsədlə Azərbaycanda korrupsiyaya qarşı mübarizə me-xanizminin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun qəbul edilməsi, müvafiq dövlət proqramının, milli fəaliyyət planının və digər sənədlərin təsdiq olunması ilə korrupsiyaya qarşı mübarizə sahəsində möhkəm qanunvericilik bazası yaradılıb.
Eyni zamanda,  Korrupsiyaya qarşı Mübarizə üzrə Ko-missiyanın, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mü-barizə İdarəsinin təşkili və fəaliyyətə başlaması, “ASAN xidmət”in formalaşdırılması, “elektron hökumət”, “elektron ödəmələr” proqramlarının tətbiqi əyani şəkildə göstərir ki, bu bəlanın aradan qaldırılması dövlətin prioritetləri sırasındadır.
Lakin hələ ki bu tədbirlər dövlət tərəfindən reallaşdırılır və bu işdə cəmiyyətin, ictimaiyyətin rolu çox zəifdir. Buna baxmayaraq, artıq bu sahədə çox ciddi nəticələr əldə olunub. Bunu dünyada “şəffaflıq etalonu” kimi qələmə verilən Avropanın bir çox dövlətlərindəki vəziyyətlə müqayisə etdikdə də görürük.
Avropa İttifaqının bu regiondakı ölkələrin iqtisadiy-yatındakı və sosial həyatındakı rüşvətxorluq və korrupsiya hallarının vəziyyətini əks etdirən hesabatına baxarkən görürük ki, Avropa ölkələrindən Yunanıstanda, İtaliyada, İspaniyada, Fransada, Belçikada, Avstriyada, Böyük Britaniyada, Almaniyada və digər ölkələrdə korrupsiyanın səviyyəsi 60–90 faiz arasında dəyişir.
Avropalıların 76 faizi hesab edir ki, ölkələrində korrupsiya geniş yayılıb, 50 faizi hesab edir ki, son üç ildə ölkələrində korrupsiyanın həddi artıb. Hər 20 avropalıdan biri korrupsiya faktının şəxsən iştirakçısı olduğunu deyir. Avropadakı 10 biznesmendən 4-ü isə hesab edir ki, rüşvət vermədən inkişaf etmək olmaz.
Bütün bunların fonunda korrupsiyaya qarşı sərt mübarizə aparan Azərbaycanda isə antikorrupsiya tədbirlərinin geniş vüsət alması ölkəmizin şəffaflıq indekslərinin ilbəil yaxşılaşmasına səbəb olmaqdadır. Çünki dövlət başçısı strateji hədəf kimi Azərbaycanın korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə də nümunəvi ölkə olması üçün zəruri tədbirlərin ta keçirildiyini bəyan edib.
Göründüyü kimi, korrupsiya və məmur özbaşınalığı ilə mübarizədə ortada siyasi iradə var, sistemli islahatlar həyata keçirilir. Öncə qeyd etdiyim kimi, dövlət orqanlarının tam şəffaf fəaliyyətinin təmin olunması və sosial bəlanın kökünün kəsilməsi üçün ictimai nəzarət mexanizminin stimullaşdırılması vacibdir. Artıq zaman vətəndaş cəmiyyətinindir, ictimaiyyətindir. Bu sektora aid bütün nümayəndələr mübarizə işində iştirak edən bütün tərəflərə yardım etməlidir. QHT-lər, ictimai birliklər, kütləvi informasiya vasitələri və cəza orqanları vahid fəaliyyət formulu üzrə işini qurmalı və Azərbaycanı şəffaflıq baxımından ən nümunəvi ölkəyə çevirməliyik.
Bu işdə ən çox məsuliyyət dövlət qulluqçularının, mə-murların üzərinə düşür. Dövlət  qulluqçuları məmur–və-təndaş münasibətlərinin ictimai və hüquqi normalara uyğun tənzimlənməsinə çalışsalar, Vətənə sədaqətlə xidmət etsələr, xarici qüvvələrin təsirinə düşmək meyllərindən uzaq olsalar, dünyada bütün parametrlər üzrə nümunəvi bir məmləkət qurmuş olarıq. Düşüncəm ondan ibarətdir ki, biz bu gün üzərimizə düşən məsuliyyəti dərk etməli və bu sosial bəlanı gələcək nəsillərə miras qoymamalıyıq. 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi