2014-ci il 4 mart tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU № 84

Milli Məclisin iclas salonu.
4 mart 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 111 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 104
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elmira Süleymanova, Azərbaycan Respublikasının  İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri.
Zaur Əliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri.
Vüqar Məhərrəmov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İşgən-cələrin qarşısının alınması şöbəsinin müdiri.
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, İqtisadi və sosial hüquqların müdafiəsi sektorunun müdiri.
Zemfira Məhərrəmli, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin  İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
Faiq Ağayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin  İnformasiya və ictimaiyyətlə əlaqələr sektorunun əməkdaşı.


*   *   *

Rauf Vəliyev, Azərbaycan Respublikasının Standart-laşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin Hüquq şöbəsinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə mü-vəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Res-publikası qanununun layihəsi barədə.
5. Akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Musa Quliyev, Fərəc Quliyev, Etibar Hüseynov, İqbal Ağazadə, Asim Mollazadə, Ziyafət Əsgərov, Elmira Axundova, Elman Məmmədov, Siyavuş Novruzov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 92
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Elmira Süleymanova, Ziyafət Əsgərov, Zahid Oruc, Siyavuş Novruzov, Musa Qasımlı, Fəzail Ağamalı, Qənirə Paşayeva, Fərəc Quliyev, Astan Şahverdiyev, Mübariz Qurbanlı, Sabir Rüstəmxanlı, Bahar Muradova

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


3. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Aqil Abbas, Sahib Alıyev, İlham Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi


5. Akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Arif Əşrəfov, Valeh Ələsgərov, Bəxtiyar Əliyev, Məlahət İbra-himqızı

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası, 1–7-ci maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Təklif: 8–13-cü maddələr qəbul edilsin

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN İCLASI

4 mart  2014-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 104
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Gündəlik sizlərə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.01 dəq.)
Lehinə  89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq olundu. Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Müzakirə edərik, ancaq bir şərtlə. Artıq çoxları qəzetlərdəki dedi-qodu söhbətlərini burada müzakirə mövzusuna çevirir. Xahiş edirəm, bu məsələdən əl çəkin. Gündəlikdəki məsələlərlə bağlı suallar varsa, çıxış edin. Xahiş edirəm, qəzetlərdəki mübahisələri bura çıxarmayaq. Bura Milli Məclisdir. Müzakirədə iştirak etmək istəyən varsa, buyurun, yazılın. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən istərdim ki, parlament tribunasından bir məsələni diqqətə çatdırım. Biz bilirik, Azərbaycanda çoxlu sayda insan müxtəlif xəstəlik-lərə yoluxur. O xəstəliklərin bəzilərinin də Azərbaycanda müalicəsi olduqca çətindir. Bilirik ki, Heydər Əliyev Fondu bu istiqamətdə çox böyük işlər görür. Onlar çoxlu sayda uşağın həm Azərbaycanda, həm də xarici ölkələrdə müalicəsinə kömək edirlər. O cümlədən də şahidi olmuşuq ki, Azərbaycan Respublikasının Prezidenti dəfələrlə tanın-mış elm xadimlərinin, ictimaiyyət nümayəndələrinin xaricdə müalicəsinə yardım edib. Amma bu, yetərli deyil. Mən hesab edirəm ki, Azərbaycanda xüsusi bir fondun yaradılmasına ehtiyac  var.
Bu yaxınlarda bir qrup gənc mənə Nərmin Hüseynli ilə əlaqədar təşkil olunmuş kampaniyaya qoşulmaq üçün müraciət etmişdi. 17 yaşı olan bu qızın xaricdə müalicəsinə çox böyük ehtiyac var. Azərbaycanda müalicəsi mümkün deyil. Müalicə xərcləri təqribən 150 min avro edir. Bu vəsaitin böyük bir hissəsi sadə insanlar tərəfindən toplanıb. Mən düşünürəm ki, belə bir fond yaranarsa, Azərbaycanın iş adamları ora kifayət qədər vəsait köçürə bilərlər. Həmin fondun da müşahidə şurası yaradıla, ora ictimaiyyət nümayəndələri daxil edilə bilər ki, o vəsait şəffaf formada xərclənsin. İmkansız uşaqlar bundan faydalana bilərlər.
Mən dünən mətbuatda oxudum ki, Nazirlər Kabineti, nəhayət, Azərbaycanda icbari tibbi sığortanın tətbiqinə hazırlaşır. Azərbaycan vətəndaşları üçün bu çox önəmli hadisədir. Bəlkə də bu, səhiyyə sistemində inqilabi bir dəyişikliyin başlanğıcını qoyacaq. Amma düşünürəm ki, bu da yetərli deyildir.
Ölkəmizin səhiyyə sistemində islahatlar kompleks şəkildə aparılmalıdır. Biz bazar iqtisadiyyatına keçmiş ölkəyik. Mən dəfələrlə bu məsələni Milli Məclisdə qaldırmışam, Azərbaycanda bu qədər dövlət səhiyyə obyektlərinin olmasına ehtiyac yoxdur. Onların böyük bir qismi özəlləşdirilməli, xüsusi mülkiyyətə verilməlidir. Belə olduğu təqdirdə hesab edirəm ki, həm səhiyyə sistemində olan müəyyən neqativ hallar aradan qalxar, həm də əhalinin müalicəsi daha yüksək səviyyədə təşkil olunar. Hazırda çoxlu sayda insan xarici ölkələrə gedir və o ölkələrdən də bir çox hallarda müalicəsi çox çətin olan müxtəlif qan xəstəlikləri ilə Azərbaycana qayıdır. Bu başqa bir söhbətin mövzusudur, yəqin ki, bu barədə mən gələcəkdə danışacağam. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev, buyurun.
M.Quliyev. Çox sağ olun. Hörmətli  cənab Sədr, hörmətli millət vəkilləri! Bir neçə gün bundan öncə dünya ictimaiyyəti Xocalı soyqırımının 22-ci ildönümünü yad etdi. Xocalı soyqırımı aktının dünya ictimaiyyətinə çatdırıl-masında və soyqırım kimi tanınmasında cənab Prezident, Milli Məclis, Azərbaycan hökuməti, Heydər Əliyev Fondu və digər qeyri-hökumət təşkilatları məqsədyönlü iş aparırlar. Bu sahədə Heydər Əliyev Fondunun vitse-prezidenti xanım Leyla Əliyevanın başlatdığı və uğurla davam edən “Xocalıya ədalət” kampaniyasını xüsusi qeyd etmək istəyirəm. Bu görülən işlərin nəticəsində dünyanın 10-a yaxın ölkəsinin parlamenti, Amerika Birləşmiş Ştatlarının isə 15 ştatı artıq Xocalı faciəsini soyqırım kimi tanıyıb.
Amma bu məsələdə bir balaca uğursuzluq var, istəyirəm, onu ictimaiyyətimizin diqqətinə çatdırım. Nazirlər Kabine-tinin 1992-ci ildə qəbul etdiyi qərara görə Xocalı soyqırımı zamanı yaralanan, donvurmadan, psixoloji travmadan əlil olan şəxslərə milli münaqişə zəminində əlillik səbəbi verilir. Bu da həmin faciənin miqyasını kiçiltmək və mahiyyətini dəyişmək anlamına gəlir. Ermənistanın, erməni ordusunun, erməni siyasətinin bu işdə məsuliyyətdən kənarda qalmasına səbəb olur.
Milli münaqişə bir dövlətin ərazisində etnik zəmində qısa müddətdə məişət səviyyəsində baş verən bir konfliktdir. Xocalı faciəsi isə Ermənistan dövlətinin siyasətidir. Bunun soyqırım, etnik təmizləmə siyasəti olduğu və onun da erməni ordusu, o cümlədən sovet ordusunun orada qalmış 366-cı alayı tərəfindən həyata keçirildiyi hamıya məlumdur. Buna görə də təklif edirəm ki,  Xocalı soyqırımı zamanı əlil olmuş şəxslərin əlillik səbəbi “milli münaqişə zəminində” deyil, “Xocalı soyqırımı zamanı əlil olmuş” kimi göstərilməlidir. Bu, eyni zamanda, gələcəkdə də soyqırımın tanınmasında və Ermənistanın məsuliyyətə cəlb olunmasında ciddi səbəbdir. Bu məsələ ilə əlaqədar mən Baş nazirə müraciət göndərmişəm və xahiş edirəm ki, millət vəkilləri də bu fikri dəstəkləsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hesab edirəm ki, bu gün “Ukraynada baş verən hadisələrin bizə aidiyyəti yoxdur” desək, doğru çıxmaz. Həm biz postsovet məkanında ərazisində süni şəkildə münaqişə törədilən ölkələrdən biriyik və həm də eyni problemləri yenə də bizimlə bərabər başqa ölkədə yaradırlar. Hesab edirəm ki, Avronestdə, digər Avropa təsisatlarında Ukrayna ciddi müttəfiqimiz kimi həmişə bizim problemlərə laqeyd yanaşmayıb, münasibət bildirib. Biz bu məsələlərlə bağlı bir barışdırıcı missiya ilə çıxış eləyə bilərik. Mən demirəm ki, hansısa dövləti, ölkəni ittiham eləyək. Amma hər halda Krımda baş verənlər bir işğaldır və hansı formada deməyimizdən asılı olmayaraq dünya artıq bunu bu cür qəbul edib. Bütün dünya buna münasibət bildirib.
Mənim bir təklifim vardır. Azərbaycan–Ukrayna parlamentlərarası dostluq qrupunun və Azərbaycan–Rusiya parlamentlərarası dostluq qrupunun üzvləri birgə iclas keçirə və eyni qrupun üzvləri parlament tərəfindən Ukraynaya ezam oluna bilərlər. Biz bu məsələlərdə seyrçi mövqedə qalarıqsa, gələcəkdə Qarabağ məsələsi ilə bağlı beynəlxalq instansiyalarda Ukrayna tərəfindən bizə soyuq münasibətlə qarşılaşarıq. Bu, mümkün olarsa, qısa zaman ərzində ezamiyyətə gedəcək adamların siyahısını da müəyyənləşdirmək olar. Biz ən azından barışa çağırış edən dövlət olaraq həm GUAM-da iştirak edirik, həm də Rusiya bizim qonşu dövlətdir, barışdırıcı missiya ilə səylərimizi ortaya qoyaq. Artıq Türkiyədə də bu məsələyə münasibət bildirirlər. Biz bölgədə aparıcı dövlətlərdən biriyik. Digər tərəfdən də, yenə deyirəm, biz həm də Rusiyanın süni şəkildə yaratdığı münaqişəyə cəlb olunmuş dövlətlərdən biriyik. Mən hesab edirəm ki, bu, dövlətimiz üçün əhəmiyyətli məsələlərdən biri olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fərəc müəllim, mən yalnız Sizə deyil, hamımız üçün deyirəm. Ukrayna və Rusiya arasında yaranan münaqişədən danışdınız. Hamınız yaxşı bilirsiniz ki, Ukrayna ilə Rusiya dost, qardaş ölkələrdir. Hər hansı bir narazılığı onlar öz aralarında həll eləyə bilərlər. Buradan hər hansı bir münasibət bildirmək o qədər də doğru deyil.
Siz siyasətçisiniz, Ukraynada 300 mindən artıq, Rusiyada 2 milyondan yuxarı azərbaycanlı yaşayır. Azərbaycanın mövqeyi bəllidir, biz bu məsələlərin danışıqlar, sülh yolu ilə həllinin tərəfdarıyıq. Azərbaycan həmişə bütün dövlətlərin ərazi bütövlüyünü, sərhədlərinin toxunulmazlığını dəstəkləyib və dəstəkləyir. Bunu bu şəkildə vurğulamaq, kiməsə qarşı söz demək doğru deyil. Heç Ukraynadakı dostluq qrupunda kim qalıb, kim qalmayıb, xəbəriniz yoxdur. Belə olmaz axı. Biz oxuyuruq və böyük siyasi məsələləri bu səviyyədə müzakirəyə çıxarırıq.
Biz bütün dövlətlərin, o cümlədən Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirik. Söhbətlər gedir ki, ordu yeridib, nə isə edib və sair. Rusiyanın da öz narahatçılığı var, çünki orada rusdilli əhali yaşayır. Kiyevdə bəzi məsələlər oldu, hamımız da gördük. Böyük, qohum dövlətlərdir, pravoslav-lardır, onlar bu məsələləri öz aralarında həll edəcəklər. Hələ bu məsələlər həll olunmamış biz buradan başlayırıq ki, qrup göndərək, qrup çağıraq və sair. Bir az hövsələniz olsun. Etibar Hüseynov.
E.Hüseynov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu gün od çərşənbəsidir, bu münasibətlə bütün həmkarlarımı təbrik etmək istəyirəm. O cümlədən xanım həmkarlarımızı qarşı-dan gələn 8 mart bayramı münasibətilə təbrik edirəm. Cənab Sədr, bu gün mətbuatı, televiziyanı izləyəndə sanki belə bir təəssürat yaranır ki, bəzi həmvətənlərimiz Qarabağla Suriyanı və Ukraynanı səhv salıblar. Böyrümüzdə Qarabağ kimi şəhidlik, cihad meydanı durduğu halda, buradan yüzlərcə kilometr məsafə qət edib orada vuruşurlar, ölürlər. Bununla da hesab edirlər ki, guya cənnətə vasil olurlar. İndi Suriya yaddan çıxıb, bəziləri Ukrayna ilə bağlı özlərini qəhrəman kimi göstərməyə çalışırlar. Saytlarda yazılıb, başlıq da belədir: “Biz Ukraynanın müstəqilliyi uğrunda sonacan mübarizə aparacağıq.” Krımda Ukrayna hərbi hissələrinin generalları təslim olaraq ruslar tərəfə keçib, bunlar isə biz sona qədər mübarizə aparacağıq deyirlər.
Digər tərəfdən, neçə müddətdir ki, Kiyevin maydanında Azərbaycan bayrağı dalğalanır və Rusiya kanalları da bunu dəfələrlə, təkrar-təkrar nümayiş etdirirlər. Bu bayraq Azər-baycan dövlətinin rəmzidir, atributudur. Bunu hər kəs istədiyi yerdə yüksəldə bilməz. Bəzi yerlərdə nəzarət eləmək olmur, bu, aydındır, amma bizim Ukraynada səfirliyimiz var. Onlar, yəqin ki, maydana gedirlər və hadisələri müşahidə edirlər də. Bunun qarşısı niyə alınmır, bilinmir. Ona görə də qanunda dəyişiklik eləmək lazımdır ki, Azərbaycandan kənarda Azərbaycan bayrağını istənilən adam istədiyi formada nümayiş etdirə bilməz.
Bildiyimiz kimi, bu yaxınlarda Bakıda cinsi azlığın bir nümayəndəsi intihar elədi. Türkiyədə ona dəstək mitinqləri keçirildi və orada da Azərbaycanın bayrağını yüksəltdilər. Belə hallara yol vermək olmaz, bizim xaricdəki səfirlərimiz bu məsələdə diqqətli olmalıdırlar. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Hörmətli Etibar müəllim, səndən qabaq  mən bu məsələ ilə bağlı fikrimi bildirdim. Elə bil, maqnitofona yazılıb, Ukrayna məsələsini təkrar eləməlisiniz. Birinci, sən bayrağı necə ləğv edəcəksən? Gedib Ukraynada bayraq qaldıranı tutacaqsan? Səfirlik adam tutandır? Səviyyəli bir söz deyin. Rusiya–Ukrayna məsələsini izah elədim, yerindən duran bunu təzədən təkrarlayacaq? İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm, cənab Sədr. Mən bir məsələyə münasibətimi bildirmək istəyirəm. “Sovetski” deyilən ərazidə Azərbaycan qanunları və Mülki Məcəllənin tələbləri ilə insanların haqlarının pozulması barədə çoxsaylı məlumatlar daxil olub. Vətəndaşlar köçürülmədən ciddi şəkildə narazıdırlar. Artıq iki dəfə aksiya keçiriblər. Düzdür, hökumət üzvləri, hörmətli Baş nazirin müavini Abid Şərifov onlarla görüşüb, lakin kompensasiyanın miqdarı olduqca aşağı hesab olunur.
Bugünkü şərtlər daxilində 1500 manat kifayət qədər ciddi kompensasiyadır və mən hesab edirəm ki, 1500 manata, doğrudan da, normal şəkildə mənzil almaq olar. Lakin nəzərə almaq lazımdır ki, “Sovetski”də tikilən evlərin kvadratı olduqca aşağıdır. Məsələn, 15, 18, 20, 22 kvadratmetr mənzildə bəzən bir ailə yaşayır. Sovet dönəmindən özlərinə kiçicik bir şərait düzəltmişdilər. Bu gün onlara 1500 manat kompensasiya verilir. Məsələn, 20 kvadratmetrlik mənzili olan adamlara 1500 manat kompensasiya verilir ki, bu da 35 min manat edir. Bu gün 35 min manata Bakının heç bir yerində birotaqlı mənzil almaq mümkün deyil. Ona görə də hökumət ən azı vətəndaşların normal həyat şəraitinin təmin olunması istiqamətində elə siyasət yürütməlidir ki, vətəndaşlar, doğrudan da, yaşamaq hüququ ilə təmin olunsunlar. Əks təqdirdə mənzil sahiblərinə verilən bu vəsait onlara başqa yerdə yaşayış imkanları əldə etməsinə şərait yaratmır.
Dövlət bu barədə düşünməli və ən azı pul vermək yox, onların iki, üçotaqlı mənzillə təmin olunması şərtlərini ortaya qoymalıdır. Deməlidir ki, mənzil sahəsi aşağı olan adamlara kompensasiya şəklində pul yox, şəhərin müxtəlif yerlərində mənzil təklif olunur. Belə olarsa, onlar da yaşayışlarını təmin eləyə bilərlər. 100 kvadratmetr mənzili olan üçün 1500 manat kifayət qədər böyük məbləğdir və o, gələcəkdə həyatını təmin eləyə, mənzil ala bilər. Amma mənzilinin sahəsi 20–25 kvadratmetr olanlar neyləsinlər? Bunların da böyük əksəriyyəti bu tip insanlardır. Ona görə hörmətli Milli Məclisdən xahiş edirəm ki, bununla bağlı Nazirlər Kabinetinə müraciət etsin və Nazirlər Kabineti də bunu nəzərə alsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli İqbal müəllim, mütəmadi olaraq bu məsələ burada səsləndirilir. Bir-iki gün sonra Nazirlər Kabinetinin iclası olacaq, öyrənərik. Ancaq mən bilən, vəziyyət belədir ki, heç kimi “Sovetski”dən məcburi köçürmürlər. Kim köçmək istəyirsə, köçür, kim istəmirsə, qalır. Bu məsələlər hələ davam eləyir, buna son verilməyib. Bunu niyə hər dəfə burada qaldırırıq? Höku-mətin iclası olacaq, onda soruşarıq ki, bu məsələ nə yerdədir? Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dünən Amerika Birləşmiş Ştat-larının İndiana ştatının Senatı Xocalı ilə bağlı qətnamə qəbul elədi. Zənnimcə, Azərbaycan dövləti gücləndikcə, imkanları genişləndikcə biz beynəlxalq ictimaiyyəti Xocalı faciəsi ilə bağlı daha geniş şəkildə məlumatlandırırıq. Bu ölkələrin siyasi mərkəzlərinin Azərbaycana dəstəyini ifadə etməsi, mənə elə gəlir ki, çox mühüm bir siyasətdir və bu istiqamətdə işlərimizi gücləndirməliyik. Ona nail olmalıyıq ki, BMT-nin yaratdığı hərbi tribunal Xocalı faciəsini törədən cinayətkarları beynəlxalq məhkəməyə çağırsın. Azərbaycan dövləti bu istiqamətdə öz işini davam etdirməlidir.
Türk və Azərbaycan icmalarının dəstəyi ilə bu, artıq dünyada sistemli şəkildə həyata keçirilməlidir. Beynəlxalq təşkilatlar, nəhayət, anlamalıdırlar ki, keçmiş Sovet İttifaqı ərazisində yaranan münaqişələr Qarabağdan başlayıb. Dünya Qarabağla bağlı hüququn aliliyinə göz yumduqca, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri icra edilmədikcə buna bənzər hadisələr davam edəcək. Bu gün artıq Krımda bu hadisələr baş verir. Ondan qabaq Gürcüstanda, Mol-dovada olmuşdu. Biz mütləq dünyanı hüququn aliliyini bərqərar etməyə çağırmalıyıq və hüququn aliliyi də Xocalı tribunalından irəli getməlidir.
İstərdim, Qarabağla bağlı bir məsələni qaldırım. Bu da Qarabağ veteranları ilə bağlıdır. Biz çox istəyirik ki, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi sistemində Azərbaycan veteranları, müharibə əlilləri keçmiş SSRİ-nin müharibə veteranlarından yüksək bir statusa malik olsunlar. Sovet İttifaqı zamanı hər bir xəstəxanada, poliklinikada xüsusi nəzarət və dərmanlarla təmin olunan İkinci dünya müharibəsi əlillərinin statusu bu gün Azərbaycan dövlətində Qarabağda qanını tökmüş əsgər və zabitlərimizə şamil edilməlidir.
Bundan başqa, çox mühüm bir məsələ də var. Hər bir müharibədə, yaxud da müharibə bölgəsində olan mülki vətəndaşların stressləri uzun müddət canlarından çıxmır. Onların çox ciddi psixoloji gərginlikləri illər boyu davam edir. Azərbaycanda bununla əlaqədar psixoloji xidmət yaradılmalıdır.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, həqiqətən, çox düzgün qeyd etdi, biz burada söhbətləri, əsasən, bu istiqamətdə aparmalıyıq. Dağlıq Qarabağ probleminə bunun hansı ziyanı və ya xeyri ola bilər? Xocalı soyqırımı məsələsi nə vəziyyətdədir?
Mən çox təəssüf edirəm. 20-dən yuxarı millət vəkili Xocalı soyqırımının ildönümünü qeyd eləmək üçün xarici ölkələrə ezam olunmuşdu. Mən iclasın əvvəlində fikirləşirdim ki, yəqin, birinci, bu məsələdən danışacaqlar. Bilirəm ki, Türkiyədə çox yüksək səviyyədə tədbirlər keçirilib. Yəni bununla bağlı bir-iki kəlmə demək lazımdır. Bütün gördüyümüz işlər kənarda qalır, qlobal siyasətə girişirik. Buyurun, Ziyafət müəllim.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, “Xocalıya ədalət” kampaniyası çərçivəsində bu il də dünyanın, demək olar ki, əksər ölkələrində Xocalı soyqırımının, Xocalıya ədalətin tanın-ması ilə bağlı xeyli işlər görülüb. Bizim hörmətli deputat həmkarlarımız da dünyanın müxtəlif ölkələrində bu istiqa-mətdə fəaliyyət göstəriblər.
Bu yaxında hörmətli deputat həmkarlarımla bir yerdə Türkiyədə, Ankara şəhərində olduq. Bilirsiniz ki, buna qədər Türkiyənin Uşak və Ankara şəhərlərində Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Bu nə deməkdir? Bu o deməkdir ki, artıq Xocalı soyqırımının tanınması və Xocalıya ədalət istiqamətində Türkiyədə xeyli işlər görülüb.
Biz orada çıxışımızda da qeyd elədik, 200 ilə yaxın bir dövrdə ermənilər həmişə türklərə qarşı bu cür qəddar mü-nasibət bəsləyiblər və imkan düşdükcə türkləri soyqırıma məruz qoyublar. 1905, 1918-ci illəri, 1948–52-ci illərdəki deportasiyaları, 1988-ci ildən bu yana baş verən hadisələri təsəvvür edin. Nəhayət, 1992-ci il fevral ayının 26-da ermənilər azərbaycanlılara qarşı insanlığa sığmayan böyük bir soyqırıma yol veriblər. Məhz Azərbaycan türkləri oldu-ğumuza görə bu cür soyqırımı aktı törətdilər.
Mən Türkiyənin hakimiyyət orqanlarına, Türkiyə Millət Məclisinin başqanı hörmətli Cəmil Çiçəyə, deputatlara minnətdarlığımı bildirmək istəyirəm. Həqiqətən, çox səmimi çıxışlar elədilər və qeyd etdilər ki, Xocalıda qətlə yetirilən insanlar bizim qardaşlarımız, analarımız, bacılarımızdır. Həqiqətən, bu istiqamətdə Türkiyədə artıq xeyli işlər görülür. Deputat həmkarlarıma təşəkkür edirəm, Türkiyənin müxtəlif şəhərlərində bununla bağlı keçirilən tədbirlərdə çox fəal iştirak elədilər.
Mən hesab edirəm ki, artıq xeyli ölkə, məsələn, Amerika Birləşmiş Ştatlarının 20-yə yaxın ştatı, Kolumbiya, Peru, Meksika, Pakistan və digər dövlətlər artıq Xocalı soyqı-rımını tanıyıb. Həqiqətən, biz bu faciəni, soyqırımını dünya ictimaiyyətinə çatdıra bilmişik. Biz bu soyqırımını tanıyan ölkələrə, parlamentlərə təşəkkür eləməliyik ki, onlar Azər-baycanın dərdinə şərik olurlar. Mən fürsətdən istifadə edib həmin dövlətlərin parlamentlərinə, eyni zamanda, bu soyqırımı tanıyan bütün insanlara, hakimiyyət nümayən-dələrinə öz minnətdarlığımı bildirirəm və bu siyasət bundan sonra da davam eləməlidir.
Sözsüz ki, bu, Azərbaycanın xarici siyasətinin tərkib hissəsidir və bu siyasətin başında möhtərəm Prezidentimiz cənab İlham Əliyev durur. Onun xarici siyasətinin, Azərbaycanı qüdrətli dövlətə çevirməsinin nəticəsidir ki, artıq dünya da bizim dərdimizə şərik olur. Bizə salam verirlər, bizimlə hesablaşırlar. Bu istiqamətdə də, inşallah, işlərimizi davam etdirməliyik. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Mən Ziyafət müəllimin bu möhtəşəm çıxışından sonra mobil rabitə və internet istifadəçilərini narahat edən iki məsələyə toxunmaq istərdim. Birinci məsələ internetin sürəti və həcmi ilə bağlıdır. Bununla əlaqədar cənab Prezident də dəfələrlə çıxış edib ki, internetin keyfiyyəti artırılmalı, tarifləri isə aşağı salınmalıdır. Bu sahədə əməli addım da atıldı, keçən illərdə internetin qiymətində 40 faizə qədər endirim oldu.
Amma mən deyərdim ki, internet provayderləri bu vəziyyətdən məharətlə çıxış yolu tapırlar. Belə ki, qiymət azalması ilə bağlı ADSL xidmətinə müraciət edəndə mənə bildirdilər ki, onlarda qiymət azalması olmasa da, sürət 8 meqabit artırılıb. Reallıqda isə sürət 8 meqabitdən əhəmiy-yətli dərəcədə aşağıdır. Bu vəziyyəti onunla izah edirlər ki, sürət 8–10 meqabit olsa, evlərdə internet işləməyəcək və ya tez-tez kəsiləcək, çünki Bakıda telefon xətləri bu həcmdə işləməyə uyğunlaşdırılmayıb. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi isə provayderlərin bu ittihamlarını rədd edir. Amma yenə də bu sahədə yenilik yoxdur. Faktiki olaraq internet istifadəçiləri sürətli internetdən məhrumdurlar. Halbuki internetə hər ay 25–30 manat civarında pul ödəyirik. Həmçinin dövlət rəhbərliyi də hər zaman bəyan edir ki, internet ən ucqar rayonların əhalisi üçün də əlçatan olmalıdır. Ədalət naminə demək lazımdır ki, bu yöndə müvafiq işlər görülməkdədir.
Mən rayondan seçilmiş deputat olaraq qeyd edə bilərəm ki, bir çox kəndlərdə artıq elektron ATS-lər işləyir, digərləri də qurulmaqdadır. Amma Masallı rayonunun telefon xətləri sürətli internetin tələblərinə uyğun deyil. Buna görə internet tez-tez kəsilir və ümumiyyətlə, işləmir. Rayonlarda internetlə davamlı işləmək faktiki olaraq mümkün deyil. Rayonlarımızın bir çoxunun turist zonası elan edilməsi, ora çoxlu sayda xarici turistin gəlməsini nəzərə alaraq internetin keyfiyyətli və davamlı işləməsi məsələsi böyük aktuallıq qazanır.
İkinci məsələ isə mobil telefonlarımıza gün ərzində xeyli sayda spam xarakterli mənasız, bezdirici mesajların gəlməsi ilə bağlıdır. Məsələn, mənim telefonuma gün ərzində “Sabina”, “Dobromad”, “Ferraqamo” və sair firmaların reklamı ilə bağlı mesajlar gəlir. Bundan başqa, belə məlumatlarda insanları aldatmaq, mənasız oyunlara, yarışlara cəlb etmək kimi hallar da kifayət qədərdir. Ən əsası da odur ki, bu mesajları açanda abunəçinin balansından pul silinir. Nəzərə alsaq ki, bir ailədə 5–6 mobil telefon var, onda ailə büdcəsinə dəyən zərərin həcmini təsəvvür etmək çətin deyil. Özü də bu hal daha çox “Bakcell” mobil operatorunda müşahidə olunur. Mən bir deputat kimi, mobil operatorlardan xahiş edərdim ki, müştərilərin razılığı olmadan bu cür mesajların göndərilməsi dayandırılsın. Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi də bunun qarşısının alınması üçün əməli tədbirlər görsün. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələ ilə mən də razıyam. Həqiqətən, insanların istəyi olmadan telefonlarını SMS-lərlə doldururlar. Əli müəllim, bu barədə fikirləşmək lazımdır. Nə isə bir qayda müəyyənləşdirilməlidir. Amma Elmira xanım, Siz doğru dediniz, indi bütün rayonlarda internet var. İnşallah, sürət də olar. Hər məsələdə tələsmək lazım deyil, yavaş-yavaş gedirik. Elman Məmmədov.
E.Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Xocalı soyqırımı ilə əlaqədar tədbirlərdə iştirak etmək üçün deputat həmkarım Aqil Abbasla birlikdə İstanbul şəhərində olduq. İstanbul şəhərində, eləcə də İstanbula yaxın bir neçə şəhərdə Xocalı soyqırımının 22-ci ildönümü ilə bağlı bir sıra tədbirlər keçirdik. Bu tədbirlərin keçirilməsində İstanbuldakı Baş konsulumuz Həsən Zey-nalovun xidmətini xüsusi qeyd eləmək istəyirəm. Eyni zamanda, biz Uşak şəhərində Xocalı soyqırımına həsr olunmuş çox müqəddəs, möhtəşəm bir abidənin açılış mə-rasimində iştirak etdik. Bu abidə Uşak şəhər bələdiyyəsinin təşəbbüsü ilə Uşak şəhərində yüksək bir təpənin üzərində, 14 hektar sahəsi olan bir yerdə ucaldılıb. Buna etirazlar da olmuşdu. Abidəyə “Xocalı soyqırımı” sözləri yazılıb. Mən bunu  çox yüksək dəyərləndirirəm və güman edirəm ki, bu məsələlər Türkiyədə daha geniş vüsət alacaqdır.
Mən bir Xocalı sakini, həmin soyqırımı yaşamış bir insan kimi bütün xocalılar adından Xocalıda baş verənlərə, Xocalı soyqırımına bu qədər  yüksək diqqət və qayğı göstərdiyi üçün möhtərəm Prezidentimiz cənab İlham Əliyevə minnətdarlığımı bildirirəm.
Hörmətli cənab Sədr, mən deputat Musa Quliyevin qaldırdığı məsələyə toxunmaq istəyirəm. Mən təkcə Xocalı soyqırımında əlil olmuş şəxslərlə kifayətlənmək istəmirəm. Yəni burada belə bir məsələ var. 1988-ci ildən 1991-ci ilin payızına qədər əlil olanlar milli münaqişə zəminində əlil hesab oluna bilərlər. Ancaq 1991-ci ilin payızından artıq müharibə başlamışdı, Azərbaycan ilə Ermənistan arasında müharibə gedirdi. Təbii ki, bu müharibədə əlil olanlara “milli münaqişə zəminində əlil” statusu vermək düzgün deyil, çünki onlar müharibə əlilləridir. Xüsusilə soyqırımı yaşamış insanlara “milli münaqişə zəminində əlil” demək kökündən səhvdir. Bunun heç bir hüquqi əsası yoxdur.
Sədrlik edən. Mən onu özümdə qeyd elədim. Baxarıq, görək, buna hüquqi cəhətdən necə yaxınlaşmaq olar. Siyavuş müəllim təkid eləmirsə, yekunlaşdıraq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, mən də deputat həmkarlarımın dediklərinə qoşuluram və ilk növ-bədə Sizə təşəkkürümüzü bildiririk ki, Milli Məclisin 20 nəfərdən artıq üzvü müxtəlif ölkələrdə Xocalı soyqırımı ilə əlaqədar keçirilən tədbirlərdə iştirak etdi. Mən, deputat həmkarlarım Xanlar Fətiyev və Rauf Əliyev Almaniyanın mərkəzi meydanında Xocalı soyqırımı ilə əlaqədar böyük bir brifinq keçirdik. Oradakı tədbirdə həm türk diasporu, həm də Azərbaycan diasporu iştirak edirdi.
Həmçinin müxtəlif görüşlər keçirildi, Xocalıda şəhid olanların ruhuna böyük bir ehsan süfrəsi açıldı. Bu da bir yenilik idi. Almaniyadan, digər ölkələrdən olan vətəndaş-larımız orada iştirak edirdi. Bu mərasimdə verilən məlumatlar əsasında bu həqiqətlərin bir daha şahidi olurdular.
Cənab Sədr, bu cür hadisələr ona görə baş verir ki, dünyada ikili standart hökm sürür. Mən insan hüquqları ilə bağlı məsələdə bu sahəyə geniş toxunacağam. Dünən Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin insan hüquqları ilə bağlı bir hesabatı dərc olunubdur. Diqqətlə oxuyanda görürsən ki, 10, 15 il bundan qabaq nə yazıblarsa, onu birbaşa təkrar edirlər. Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı bir kəlmə fikir söyləyiblər. Onu da çox qərəzli bir formada qeyd eləyiblər. Fikir verin, yazılıb ki, Azərbaycanın 7 rayonu hələ də Ermənistan separatçılarının köməyi ilə işğal altındadır. Yazmır ki, Ermənistan dövləti və onu himayə edənlərin gücü nəti-cəsində işğal altında saxlanılır. “Separatçılar” yazır. Yəni Dağlıq Qarabağ özü işğal eləyib, Ermənistan separatçıları da buna dəstək verib.
İkinci bir tərəfdən, insan hüquqları ilə bağlı yalan, böhtan, şər baş alıb gedir. Azərbaycanda insan hüquqları ilə məşğul olan erməni mənşəli insanların verdiyi məlumatların hamısı oradadır. Bu cür standartla yanaşanda başqa yerdə də başqa hadisələr olur. Ermənistandakı seçkilərlə Azərbaycandakı seçkiləri müqayisə etmək olmaz, çünki Azərbaycanda azad, ədalətli, demokratik seçkilər keçirildi. Ermənistanda güllələdilər, öldürdülər, namizədin birinə terror oldu. Onların haqqında bir kəlmə yazmayıblar. ATƏT-in o Demokratik Təsisatları və İnsan Haqları Bürosu nə veribsə, onun üstündə durublar. Onu da siz öyrətmisiniz ki, bu cür yazıb. Siz öyrətməsəydiniz, başqa cür yazacaqdı. Necə ki başqa beynəlxalq təşkilatlar bunu etdilər.
Yalanın böyüklüyünə bax, deyir ki, prezidentliyə namizəd İlqar Məmmədov həbsdədir. İlqar Məmmədov nə vaxt prezidentliyə namizəd olub? Prezidentliyə namizədin statusu var. O hansı statusu alıbdır? Yəni hər bir kəlməsi yalandır. Mən növbəti dəfə bu məsələyə ətraflı toxunacağam. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rusca deməyəcəyəm, azər-baycanca belədir, sevmirlər də bizi. Məsələlər qoyulur, həll edirsən, onda ikinci, üçüncü məsələləri ortaya çıxarırlar. Amma həyat elə edəcək ki, bu məsələlər öz-özünə həll olunacaq. Zorla biz bunu həll edə bilməyəcəyik. Hamımız şahid olacağıq. Dünyada vəziyyət elə olacaq ki, bu məsələlər yavaş-yavaş öz həllini tapacaq.
Hörmətli millət vəkilləri, xahiş edirəm, gündəlikdəki məsələlərin müzakirəsinə keçək. Birinci məsələ Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqındadır. Hörmətli Elmira xanım, buyurun.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, sədarət, hörmətli millət vəkilləri, hər birinizi salamlayır, bütün xanım millət vəkillərimizi, hər bir Azərbaycan qadınını üzümüzə gələn beynəlxalq qadınlar günü münasibəti ilə təbrik edir, ən xoş arzularımı bildirirəm. İcazə verin, 2013-cü ildə fəaliyyətimlə bağlı ayrılmış vaxt çərçivəsində sizə qısa məlumat verim.
Ən əvvəl demokratik şəraitdə keçirilmiş seçkilərdə cənab İlham Əliyevin böyük səs çoxluğu ilə təkrarən Azərbaycan Respublikasının Prezidenti seçilməsi ötən ilin əlamətdar hadisəsidir. Bütün sahələrdə ardıcıl həyata keçirilən sosial-iqtisadi siyasətin insan hüquqlarının etibarlı təmin olunmasında mühüm rolu olmuşdur. İl ərzində 110 min iş yeri açılmış, işsizliyin səviyyəsi 5 faizə endirilmiş, yoxsulluğun səviyyəsi isə 5,3 faiz olmuşdur.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş Milli Fəaliyyət Proqramının icrası və təbliği, bununla bağlı respublikanın hər bir rayonunda keçirilmiş ictimai dinləmələr və monito-rinqlər göstərmişdir ki, bu proqramın tətbiqi nəticəsində insan hüquq və azadlıqlarının təmin olunmasında müsbət nəticələr əldə edilmişdir. Fəaliyyətini qanunçuluq, ədalət və qərəzsizlik prinsipləri əsasında quran müvəkkil hər il olduğu kimi, ötən il də dövlət qurumları və vətəndaş cəmiyyəti ilə birlikdə, habelə beynəlxalq qurumlarla səmərəli əməkdaşlıqda bu prosesə öz töhfəsini vermişdir.
Ötən il 13670 müraciət alınmış, icraata qəbul olunmuş müraciətlərin 65 faizi təmin olunmuşdur. Nəticədə mülki, iqtisadi, sosial hüquqların pozulmasına dair, yəni şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, qeydiyyata alma, torpaq, mülkiyyət, mənzil, o cümlədən təbii fəlakətin vurduğu ziyan, pensiya və müavinətlər, ünvanlı sosial yardımlar, işə bərpa, xüsusilə alimentin və borcun ödənilməsi ilə bağlı bir çox şikayətlər öz həllini tapmış, müvafiq dövlət qurumları ilə əməkdaşlıqda pozulmuş hüquqlar bərpa olunmuşdur.
İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti al-çaldan rəftar və ya cəzaların qarşısının alınması üzrə milli preventiv funksiyalarını yerinə yetirən müvəkkilin qrupu Daxili İşlər, Ədliyyə, Milli Təhlükəsizlik, Müdafiə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Miqrasiya Xidmətinin, yerli icra hakimiyyətlərinin 244 azadlıqdan məhrumetmə və azadlığın məhdudlaşdırılması yerlərinə baxışlar keçirmişdir.
Habelə təxirə salınmadan, əvvəlcədən xəbərdarlıq edil-mədən 383 başçəkmə həyata keçirmişlər. Həmin yerlərdə saxlanılan şəxslərlə təkbətək görüşlər zamanı saxlanma şəraiti, rəftar və saxlanılmanın qanuniliyinə dair müvafiq sənədlər araşdırılmış, hüquqlar izah edilmişdir. Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı müvafiq nazirliklərə və Baş prokurora müraciətlər edilmiş, çatış-mazlıqlar aradan qaldırılmış, təqsirkar əməkdaşlar cəzalan-dırılmışlar. Bu müəssisələrin rəhbərlərinə və əməkdaşlarına saxlanılan şəxslərin hüquqları, sənədləşmə, şərait və rəftar qaydaları, habelə həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında qanunun tələbləri bir daha izah edilmiş, müvafiq tövsiyələr verilmişdir.
Penitensiar xidmətin 197 əməkdaşı müxtəlif intizam məsuliyyətinə cəlb olunmuş, 37 əməkdaş tutduğu vəzifədən azad edilmiş, 16 nəfəri isə ədliyyə orqanlarından xaric edil-mişdir. Bu sahədə fəaliyyətə dair artıq 4-cü hesabat hazırlanmışdır və tərcümə olunmaqdadır.
Məlum olduğu kimi, müstəqillik dövründə ümumilikdə 10 amnistiya, 15 əfv sərəncamları imzalanmışdır ki, minlər-cə insan cəzalardan azad edilmiş, cəmiyyətə və ailələrə qovuşmuşdur. Müvəkkilin vəsatəti ilə ümumilikdə 409, ötən il isə 18 məhkum əfv edilmişdir. Vətəndaşların ərizə və şikayətlərinə təxirə salınmadan baxılması ilə bağlı ölkə Prezidentinin məmurlara verdiyi ciddi tapşırıqlar, keçirilən struktur dəyişiklikləri, qanunvericiliyin və institutlaşmanın təkmilləşməsi, icra strukturlarının yaradılması və qısa müddətdə inkişaf edilməsi, o cümlədən ASAN xidmətinin yaradılması, kadrların seçilib yerləşdirilməsi sahəsində görülmüş tədbirlər bütövlükdə insan hüquqlarının təmin olunmasında ötən il böyük dönüş yaratmışdır ki, bu da əhalinin bütün qrupları tərəfindən rəğbətlə qarşılanır.
Mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri respublikanın müxtəlif şəhər və rayonlarında vətəndaşları qəbul etmiş, müraciətlərdə qaldırılmış məsələlərin həlli üzrə tədbirlər görmüş və bu hərəkət indi də davam etdirilməkdədir. Müraciət etmək hüququ ilə bağlı 1246 müraciət daxil olmuş, araşdırılmalar aparılmış, müvafiq tədbirlər görülmüş, bir çox hallarda pozulmuş hüquqlar bərpa edilmiş, başqa hüquq pozuntularının qarşısı alınmışdır.
Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda demişdir ki, hər bir dövlət məmuru öz məsuliyyətini dərk  etməlidir. Hər bir dövlət məmuru təmiz işləməlidir, xalqla bir yerdə olmalıdır, təvazökar, işgüzar və vətənpərvər olmalıdır, rüşvət almamalıdır, özünü xalqdan üstün tutmamalıdır. Yerli icra strukturları tərəfindən əhali ilə mütəmadi görüşlərin keçirilməsi, onların problemlərinin öyrənilməsi və həll olunması işinin təkmilləşdirilməsi prosesi davam etdirilir.
Eyni zamanda, bəzi məmurlar hələ də sürətlə təkmilləşən dövlət idarəetməsinə uyğunlaşa bilmədiyindən vətəndaşların müraciətlərinə və vəzifələrinin icrasına məsuliyyətlə yanaşmır, narazılıqlara və çoxlu sayda şikayətlərə səbəb olurlar. Bəzən məmurlar tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərə cavab verilməməsi və ya gecikdirilməsi, cavabın formal olması, əsaslandırılmaması, süründürməçiliyə yol verilməsi müraciət etmək hüququnun pozulması və böyük narazılıqlara səbəb olmuşdur.
Bələdiyyələrin fəaliyyətindən narazılıqla bağlı müraciət-lər üzrə aparılmış araşdırma nəticəsində bir sıra hallarda pozulmuş hüquqlar bərpa olunmuşdur. Məlumata əsasən 52 bələdiyyənin fəaliyyəti inzibati nəzarət icraat qaydasında araşdırılmış, 25 fakt üzrə toplanmış materiallar hüquqi qiy-mət verilməsi üçün prokurorluq orqanlarına göndərilmişdir.
Ötən il seçki hüququ ilə bağlı silsilə tədbirlər təşkil edilmiş, respublikanın 58 şəhər və rayonunda əhali arasında maarifləndirmə işi aparılmış, ictimai dinləmələrdən bölgələrdə seçkiqabağı vəziyyətin öyrənilməsindən və seçki prosesinin müşahidə edilməsindən ibarət 3 monitorinq həyata keçirilmişdir. MSK ilə birgə Şəki, Gəncə, Cəlilabad, Quba və Füzuli rayonlarında, ümumilikdə 40 rayon üzrə 54 dairə seçki komissiyaları cəlb olunmaqla seçki hüququnun səmərəli təmin edilməsi məqsədi ilə seçki qaydaları ilə bağlı silsilə regional maarifləndirmə tədbirləri təşkil edilmişdir. Müvəkkil və təsisatın 39 əməkdaşı öz təşəbbüsü ilə müşahidəçi qismində seçkilərə qatılmış, Bakı şəhərində və 50-dən çox rayonda 107 seçki dairəsi üzrə 391 məntəqədə səsvermə prosesini izləmişdir.
Sərbəst toplaşmaq azadlığının təmin edilməsi ilə bağlı rayon və şəhərlərdə çoxsaylı açıq və qapalı yerlər müəyyən edilmiş, onların vəziyyəti qənaətbəxş hesab edilmiş, rabitə və digər zəruri vasitələrlə təmin edildiyi müəyyən olun-muşdur. Vəziyyət diqqətdə saxlanılmış, hər bir halda saxlanılan şəxslərlə görüşülmüş, şikayətlərin yoxlanılması və istintaqın nəzarətə götürülməsi məqsədi ilə Baş prokurora və daxili işlər nazirinə müraciətlər edilmişdir.
Media nümayəndələrinin hüquqlarının müdafiəsi, söz və ifadə azadlığının təmin olunması nəzarətdə saxlanılmış, bu sahədə hər bir müraciətə diqqətlə yanaşılmışdır. Ümumilik-də, yüksək fəallıqla keçən seçkilər zamanı yerli icra strukturları və polis əməkdaşları tərəfindən səsvermə prosesinə müdaxilə halları müşahidə edilməmişdir.
Polis orqanları ilə bağlı alınmış 1840 müraciət, əsasən, şəxsiyyəti təsdiqləyən sənədlərin verilməsi, müraciət hüqu-qunun pozulması, ibtidai araşdırmanın qeyri-obyektiv aparılması, polis əməkdaşlarının vətəndaşlarla münasibətdə kobud rəftara yol verməsi ilə bağlı olmuşdur. Ötən il müvəkkil tərəfindən Daxili İşlər Nazirliyinə göndərilmiş müraciətlərin araşdırılması nəticəsində təsdiq olunmuş faktlar üzrə vətəndaşlara qarşı qəbahətlərə yol verdiklərinə, kobud rəftara, polisə əsassız gətirməyə, qanunda nəzərdə tutulmuş müddətdən artıq polisdə saxlamaya, istintaq orqanına vaxtında təhvil verməməyə görə 25 əməkdaş intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən 4 əməkdaş daxili işlər orqanlarından xaric edilmiş, 4-ü tutduğu vəzifədən azad olunmuş, 17-si barədə isə intizam tədbiri tətbiq edilmişdir. Ümumilikdə isə insan hüquqlarının pozulması ilə bağlı həmin nazirliyə daxil olmuş və təsdiq edilmiş 252 fakt üzrə 341 əməkdaş inzibati məsuliyyətə cəlb edilmiş, onlardan 33 nəfəri daxili işlər orqanlarında xidmətdən xaric edilmiş, 21-i tutduğu vəzifədən azad edilmiş, 287-si barədə isə digər intizam tədbirləri görülmüşdür.
Prokurorluq orqanları ilə bağlı alınmış 663 müraciət üzrə Baş prokurorluqla əməkdaşlıq şəraitində aparılmış yoxla-malar nəticəsində bir sıra hallarda cinayət işinin başlanma-sının rədd edilməsi, cinayət işi üzrə icraatın dayandırılması və icraata xitam verilməsi barədə qərarlar ləğv edilmiş, material təkrar təhqiqata və ya istintaqa göndərilmişdir. Belə hallar yerlərdə nəzarətin gücləndirilməsini tələb edir. Baş prokurorluq tərəfindən aparılmış xidməti yoxlamanın nəticəsində müxtəlif nöqsanlara yol vermiş 49 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. Hərbi  prokurorluq tərəfindən aparılmış 51 xidməti yoxlamanın nəticəsində isə 20 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuş, 3-ü barədə Baş Prokurorluğa təqdimat verilmişdir.
Məhkəmə sisteminin təkmilləşdirilməsi üzrə tədbirlər ötən il də davam etdirilmiş, hakimlərin səmərəli seçmə prosesi çərçivəsində təlim kurslarını uğurla başa vurmuş 72 hüquqşünas hakim vəzifəsinə təyin olunmuşdur. Hüquq və azadlıqlarının məhkəmə təminatı ilə bağlı 1501 müraciətin təhlili göstərir ki, məhkəmə qərarlarının qəbul edilməsi za-manı ədalət prinsipinə və qanunçuluğa ciddi əməl edilməsi, məhkəmələrdə ictimai monitorinqlərin aparılması, nəticə-lərin ictimailəşdirilməsi məqsədəuyğundur. Ötən il yol ver-dikləri ciddi nöqsan və çatışmazlıqlara görə 3 hakim məhkəmə sədri vəzifəsindən azad olunmuş, 5 hakimin səlahiyyətinə xitam verilmişdir.
Məhkəmə qərarının icra edilməməsi ilə bağlı 697 müraciət olmuşdur ki, onların 38,4 faizi yalnız alimentlə bağlı olmuşdur. Həmin müraciətlərdə məhkəmə qərarının icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra mə-murları tərəfindən etik davranış qaydalarına riayət edilmə-məsi halları göstərilmişdir. Bu da vətəndaşların hüquq-larının pozulmasına səbəb olmuşdur. Çoxsaylı şikayətləri nəzərə alaraq alimentin borclu tərəfindən məcburi ödənilməsinin nizamlanması məqsədi ilə Aliment fondunun yaradılması tərəfimizdən bir neçə dəfə qaldırılmışdır. İndi isə bu, zərurətə çevrilmişdir.
Məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi ilə bağlı ölkə Prezidentinin 2010-cu il tarixli fərmanının tələb-ləri rəhbər tutularaq icra məmurlarının fəaliyyətinə nəzarət, korrupsiya, süründürməçilik, digər neqativ halların qarşı-sının alınması istiqamətində tədbirlər gücləndirilməli, qanunun tələblərini pozan məmurlara qarşı ciddi intizam tədbirləri tətbiq edilməlidir.
Əmək hüquqları ilə bağlı alınmış 709 müraciət üzrə səlahiyyətlər daxilində həyata keçirilmiş tədbirlər, o cümlədən aparılmış araşdırmalar nəticəsində bir sıra hallarda işçilərin pozulmuş hüquqları bərpa edilmişdir. Bu müraciətlərdə bütövlükdə əmək haqlarının verilməməsi, ödənilmələrin gecikdirilməsi, əmək müqaviləsi bağlanmadan işə cəlb olunma, uzunmüddətli ödənişsiz məzuniyyətə göndərilmə, işdən azadetmə halları müşahidə olunur.
Biznes  və kooperativ məsuliyyət məsələsinə diqqətin artırılması. Sahibkarlar tərəfindən insan hüquqlarına riayət olunması, sahibkarların fəaliyyətinə maneələrin qarşısının alınması və hüquqların effektiv reallaşdırılması, habelə bu hüquqların məhdudlaşdırılmaması onların fəaliyyətinə dövlət nəzarətinin gücləndirilməsini zəruri edir.
Sosial təminat hüququ ilə bağlı alınmış 1118 müraciətin araşdırılmasının təmin edilməsi istiqamətində tədbirlər görülmüşdür. Ünvanlı sosial yardımın təmin edilməsi ilə bağlı 542 müraciətdə əhalinin sosial müdafiəsi mərkəz-lərinin vəzifəli şəxsləri tərəfindən bir sıra hallarda ailəyə təyin edilən müavinətin müəyyən məbləğinin mənimsənil-məsi, yerli bölmələrdə süründürməçiliyə yol verilməsi, sənədlərin qəbul edilməməsi, yardımın təyin edilməsi haqqında məlumatların vətəndaşlara bildirilməməsi, vəsaitin köçürüldüyü plastik kartın vaxtında verilməməsi halları göstərilmişdir. Yeri gəlmişkən, müvəkkilin təklifi nəzərə alınaraq ötən dövrdə qanunvericilikdə müəyyən dəyişikliklər edilmişdir, lakin bu sistemi təkmilləşdirməyə hələ böyük ehtiyac var. Müvafiq nazirlik tərəfindən həmin yardımların yeni sistem üzrə tətbiqi işlərinə başlanmışdır ki, bu da təyinatın mərkəzləşdirilmiş qaydada, elektron şəkildə həyata keçirilməsinə, süründürməçiliyin, korrupsiyanın qarşısının alınmasına imkan verəcəkdir.
Sağlamlığın qorunmasının hüququ ilə bağlı 587 müraciət, əsasən, dövlət hesabına müalicə və müayinənin təşkili, dərman preparatlarının təminatı ilə bağlı olmuşdur. Səhiyyənin inkişafı üzrə proqramların icrası nəticəsində ötən il 81 tibb mərkəzində təmir-tikinti işləri aparılmışdır. Bununla yanaşı, həmin müəssisələrdə kadr tələbatının ödənilməsi üzrə tədbirlər sürətləndirilməlidir. Əksər hallarda həyati göstəriş olmadan hamilə qadınlarda qeysəriyyə əməliyyatının aparılması nəticəsində baş verən uşaq və ana ölümlərini, onların əlil olmasını, körpələrin qüsurlu doğulmasını nəzərə alaraq bu əməliyyatın qarşısının alınması üçün ciddi tədbirlər görülməsi təklif edilmişdir. Artıq bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklər edilmiş, əməliyyatın qeyri-qanuni aparılmasına görə məsuliyyət müəyyən olunmuş, məsələ ilə bağlı Səhiyyə Nazirliyi tərəfindən klinik protokol da tərtib olunmuşdur.
Təhsil hüququ ilə bağlı 150 müraciətin hər biri üzrə araşdırma aparılmış, zəruri hallarda monitorinqlər həyata keçirilmiş və tədbirlər görülmüşdür. Lakin burada da qarşıda ciddi məsələlər durur. Əvvəlki illərdə ölkənin bir sıra yaşayış məntəqələrində olan məktəbəqədər təhsil müəssisələri fəaliyyətini dayandırmış, uşaq bağçalarının çoxunun isə əsaslı təmirə, müasir avadanlığa və əyani vəsaitlərə ehtiyacı vardır. Mövcud vəziyyətdə uşaq hüquqlarının, körpələr və uşaq evlərinin yenə Təhsil Nazirliyinin tabeliyinə qaytarılması zəruridir.
Genişmiqyaslı təmir-tikinti işləri aparılsa da, respubli-kanın kənd rayonlarında bir sıra məktəb binaları hələ də tədris prosesi üçün tam yararsız, bəziləri isə hətta qəza vəziyyətindədir.
Ötən il mənzil hüququ ilə bağlı 1084 müraciət daxil olmuşdur. Həmin müraciətlərdə, əsasən, mənzillə təmin olunma, mənzil növbəsinin bərpası, qəzalı vəziyyətdə olan mənzilin təmiri və ya əvəzinə yeni mənzil verilməsi, təbii fəlakətin evlərə vurduğu ziyanın aradan qaldırılması, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması kimi hallar öz əksini tapmışdır. Güzəştli ipoteka kreditinin maksimal məbləğinin bazarın tələbinə uyğun artırılması, ilkin məbləğin minimuma endirilməsi, kreditin ödənilməsi müddətinin uzadılması, faiz dərəcəsinin aşağı salınması – güzəştlərdən istifadə etmək hüququna malik şəxslərin siyahısının genişləndirilməsi zəruridir. Bakı şəhərində hündürmərtəbəli yaşayış binalarının bir çoxu istismara qəbul olunmamasına baxmayaraq, artıq neçə ildir ki, orada sakinlər məskunlaşmış, indiyə kimi qazlaşdırılmamış və bu da çoxsaylı şikayətlərə səbəb olmuşdur.
Mülkiyyət hüququnun pozulması ilə bağlı 2257 mü-raciətdə, əsasən, əmlakın məhkəmə qərarı olmadan sökül-məsi, torpağın ictimai ehtiyaclar üçün geri alınması, vaxtın-da və ədalətli kompensasiyanın verilməməsi, vətəndaşlara məxsus evlərin yerləşdiyi torpaq sahələrinin onların razılığı olmadan bina tikintisi üçün şirkətlərə satılması, dövlət aktlarının torpaq payı ilə verilməməsi, əmlakın sənədləşdirilməsi ilə bağlı süründürməçiliyə yol verilməsi halları göstərilmişdir.
Hələ 2008-ci ildə imzalanmış “Uşaqların cinsi istismar və sui-istifadədən müdafiə olunması haqqında” Avropa Konvensiyasının ratifikasiyasının, “Reproduktiv sağlamlıq haqqında”, Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında, Uşaqların cismani cəzadan müdafiəsi haqqında, Yuvinal ədliyyə haqqında qanun layihələrinin qəbul edilməsinin sürətləndirilməsi zəruridir. Aztəminatlı təbəqədən olan insanların ödənişsiz hüquqi biliklər əldə etməsi və hüquq-larını müdafiə etməsi məqsədi ilə respublikanın hər bir şəhər və rayonunda dövlət hesabına maliyyələşdirilən hüquq məsləhətxanalarının yaradılması bu insanlara dəstək olardı.
Milli Fəaliyyət Proqramında göstərilmiş elektron xid-mətin həyata keçirilməsi, vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi məqsədi ilə rayon və şəhərlərdə elektron müraciət terminallarının yaradılması işinin sürətləndirilməsi və bu terminallardan istifadənin əhaliyə öyrədilməsi məqsədi ilə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi ilə regionlarda birgə təlimlər aparmaq üzrə müqavilə bağlamışıq. Hüquqi maarifləndirmə, elmi-analitik iş, habelə ictimaiyyətlə, kütləvi informasiya vasitələri ilə əməkdaşlıq, beynəlxalq əlaqələr sahəsində müntəzəm iş aparılmış, maarifləndirmə nəşrləri hazırlanmışdır. 20 Yanvar faciəsi, Xocalı soyqırımı, 31 mart – Azərbaycanlıların soyqırımı günü ilə bağlı bəyanatlar verilmiş, BMT-nin Baş katibinə, Avropa Şurasına, ATƏT-ə, xarici ölkələrin ombudsmanlarına, diasporlarımıza və səfirliklərimizə göndərilmişdir.
Nəhayət, ombudsman təsisatına yeni vəzifələrin həvalə edilməsi onun strukturunun və fəaliyyətinin təkmilləş-dirilməsini də tələb edir. Ölkə Prezidentinin sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda “İnformasiya əldə etmək haqqında” Qanunun icrasına nəzarətin həyata keçirilməsi ilə bağlı 2013–2014-cü illərdə müvəkkil aparatının strukturunun təkmilləşdirilməsi tövsiyə olun-muşdur. Yeri gəlmişkən, milli insan hüquqları təsisatı xüsusi bir vəzifədir. BMT-nin “Əlillərin hüquqları haqqında” Konvensiyasında göstərilmiş müstəqil monitorinq mexanizminin, xüsusi uşaq ombudsmanının yaradılmasının müvəkkil tərəfindən həyata keçirildiyi nəzərə alınaraq Konstitusiya qanununa dəyişikliklər edilməlidir. Biz bununla bağlı sizlərə müraciət edəcəyik və xahiş edirik ki, onu dəstəkləyəsiniz.
İnsan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi naminə dövlət qurumları, vətəndaş cəmiyyəti təsisatları ilə əməkdaşlığımız geniş inkişaf etdirilmişdir. “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf konsepsiyası və Milli Fəaliyyət Proqramı ilə yanaşı, həyata keçirilməsi nəzərdə tutulmuş dövlət proqramlarının genişləndirilməsi və gerçəkləşdirilməsi ümumilikdə insan hüquq və azadlıqlarının daha etibarlı təmin edilməsinə xidmət edəcəkdir.
Müraciətlərdə göstərilmiş, ictimai dinləmələrdə və əhalinin qəbulu prosesində səsləndirilmiş fikir və tövsiyələr əsasında tərtib edilmiş illik məruzədə irəli sürülmüş, sizə, habelə səlahiyyətli dövlət qurumlarına təqdim edilmiş və əhalinin, xüsusilə aztəminatlı ailələrin daha çox qayğıya ehtiyacı olan qruplarının hüquqlarının etibarlı müdafiəsinə yönəlmiş təkliflər məhz bu qeyd edilən məqsədlərin həllinə yönəlmişdir. Əminəm ki, ölkəmizin inkişaf səviyyəsi, maliyyə durumu nəzərə alınmaqla irəli sürülmüş həmin təkliflər tədricən öz  həllini tapacaqdır. Bir daha sizin hər birinizi insan  və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmini, etibarlı müdafiəsi, habelə qarşıda duran prioritet məsələlərin həlli naminə birgə əməkdaşlığa dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Elmira xanım, təşəkkür edirik. Hörmətli deputatlar, illik məruzənin müzakirəsinə baş-layırıq.  Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən, doğrusu, bilmirəm, reqlament 5 dəqiqədir, yoxsa 10?
Sədrlik edən. 10 dəqiqədir, Zahid müəllim. Ürəyinizi boşaldın.
Z.Oruc. Ürəyiniz həmişə böyük olsun, Ziyafət müəllim. İlk növbədə hörmətli ombudsmana illik fəaliyyətinə və geniş açıqlamasına görə təşəkkür edirəm. Həqiqətən də, ötən illər ərzində Azərbaycanda insan haqlarının təmin olunması yönündə dövlət səviyyəsində çox böyük işlər görülübdür. Bunlar inkar oluna bilməz. Azərbaycan bir dövlət kimi oturuşub, bu illər ərzində insanlarımızın hakimiyyət orqanlarına etibarı artıbdır.  Ümumi zəmində keçmiş sovet mirasından xilas olmaq üçün də xeyli tədbirlər həyata keçirilib.
Biz həmişə Azərbaycanın daxili vəziyyətini qiymətlən-dirməyə çalışan müxtəlif beynəlxalq hesabatlara irad tutar-kən, onların birtərəfli olduğunu qeyd edərkən vurğulayırıq ki, bu müsbət tendensiyalar nədən həmin hesabatlarda yer almır. Yəni infrastrukturun yeniləşməsi də, dövlət tədbirləri də, xarici əlaqələr də, neft siyasəti də – bütün bunların hamısı insan üçündür, Azərbaycan vətəndaşının mənafeyinə xidmət edən bir siyasətdir. Əks halda dövlət, sadəcə, bunları etməzdi, necə deyərlər, hakimiyyət orqanları öz missiyasını yerinə yetirməzdi.
Mənim aləmimdə Azərbaycan Prezidentinin qlobal siyasi missiyası ilk növbədə Azərbaycanın mənafelərini uğurla müdafiə etməsidir. Bütün bu son hadisələr də sübut edir ki, cənab Prezident üçün bu, ən ümdə, ən ali vəzifədir. Məhz buna görə də Azərbaycan insanları İlham Əliyevi çox istəyirlər. Məhz “çox istəyirlər” deyirəm, çünki mən bunu siyasi, diplomatik dillə ifadə edə bilərdim. Ölkə başçısına münasibət, sadəcə, bir liderə olan münasibət deyil. İlham Əliyevə  sevgi digər hakimiyyət qollarına – hökumət strukturlarına, yerli icra orqanlarına, parlamentə bir sıra hallarda xeyli tənqidi, bəzən isə ittihamedici mövqelərlə müqayisə olunmayacaq dərəcədədir.
Hamımız üçün bu vəzifəni anlamaq imkanı sona qədər yaxşı olsaydı, bəlkə də Azərbaycanda problemlər, demək olar ki, olmazdı. Çünki İlham Əliyevin  ədəb-ərkanı fərqlidir. Mən bu yaranmış şəraiti xüsusi olaraq ona görə qiymətləndirirəm ki, Azərbaycan vətəndaşına hər hansı bir səviyyədə problem yaradan ən gözəl binada, ən gözəl tikilidə, ən gözəl villada yaşasa belə, xoşbəxt ola bilməz. Nəhayət, biz həyatımızın 20-ci, 30-cu müstəqil bir dövründə onu anlamalıyıq ki, cəmiyyət bütövlükdə normal, problemsiz yaşayanda, – yəni mən o problemi nəzərdə tutmuram ki, heç kimin bir qayğısı, çətinliyi olmasın, bu olacaqdır, – süni yaradılan, məmur fəaliyyətindən qaynaqlanan problemlər olmayanda məmur da, vətəndaş da  xoşbəxt olacaq. Mən bu prinsipial fikri ayrıca vurğulamaq istəyirəm.
Burada hörmətli həmkarımız Siyavuş Novruzov cari məsələlərin müzakirəsi zamanı müəyyən beynəlxalq hesabatlara toxundu. Biz birdəfəlik bilməliyik ki, ötən əsrin 80-ci illərində dünyanın ayrı-ayrı ərazilərinə hərbi xunta yeridib o məkanları ələ keçirmək daha üst siyasət idi. Bu tendensiya üstün idi, hakim kəsilmişdi. Sonrakı dövrlərdə siyasət dəyişdi. Mən bunu bir-iki dəfə bu tribunadan səsləndirmişəm. İndi insan haqları istənilən ölkənin iç işlərinə müdaxilənin ən yaxşı fürsətidir, ən yaxşı tutarqasıdır. Ancaq gəlin, baxaq, bu gün müxtəlif qurumların əli ilə o hesabatları tərtib edib dövlətlərin iqtisadi həyatına müdaxilə etmək istəyən, geopolitikasını yönləndirməyə çalışanlar müxtəlif ərazilərdə insan haqlarını təmin edə biliblərmi?
Deyirdilər ki, Bəşər Əsəd dədəsindən qalmış rejimi bərqərar etməklə öz xalqının axırına çıxır. İndi bu demok-ratiya, insan haqları bayrağı altında aparılan 3 illik mühari-bədə 210 min insan həyatını itirib, 1 milyon adam Türkiyəyə qaçqın, köçkün düşübdür. Mən məcburam deyəm. Türkiyə qəzetlərinin birində bir material oxudum. Türkiyə ilə sərhəd bölgələrinə gələn suriyalı qadın və qızlardan 2-ci, 3-cü, 4-cü nikah kimi istifadə olunur. Mən, doğrusu, bunu bir millət məsələsinə aid etmədim ki, bunu türk qardaşlarımız  səhv, yoxsa düz edir. Ancaq o suriyalılar bu gün özgə qapılarında məcburən yaşamaq üçün ərə gedirlər, özlərini siğə etdirirlər, 2-ci, 3-cü qadın rolunda qalırlar. Budurmu beynəlxalq aləmin insan haqqı?
Mənə görə 100 il bundan sonra da Əsəd hakimiyyətinin davam etməsi 100 dəfə yaxşı idi, nəinki xalqları bir-birinə bu cür qırdırmaq. Ən dəhşətlisi budur ki, heç biri sona çatmayıb. İraq da yarımçıqdır, Liviya da. Liviyanın cəmi bir neft limanına yaxın olan ərazisində sabitlik var. Qalan bütün ərazilər vəhşət, qan içərisindədir.
Hər gün Liviya lideri Qəddafinin xarici banklardakı pulundan danışılır. Niyə o pullar aşkarlanmayıb? Hələ  siz onu görmüsünüz? Elə təkcə 42 milyon dollar Sarkozinin seçki kampaniyasına yönəlmişdi. Onu Liviya xalqına qay-tarsınlar da. Ona görə mən Azərbaycanı insan haqları amili ilə vurmaq, özgə  qapılarında boynunu büküb Azərbaycan hakimiyyətinə bu vasitə ilə təzyiq etmək istəyən öz siyasi qüvvələrimizə  də səslənirəm.
Bizdə bir ifadə var, bu, qonşunu sevməməkdən gəlmir. Deyirlər ki, qonşu çörəyinə ümidli olan ac qalar, qonşu şa-mına ümidli olan işıqsız qalar. Bu, qonşunu pisləmək üçün deyil, mənası budur ki, gözün özündə olsun. Mən Azər-baycanın siyasi qüvvələrini hakimiyyət uğrunda mübarizə apararkən gedib Qərbdən, Şərqdən, Asiya qitəsindən bir bayraq götürüb bu hakimiyyətin üzərinə gəlməsini istə-mirəm. Siz təsəvvür edin ki, bu ölkədə stabillik təmin olun-masa, tayfalar, klanlar nələr törədərlər. Bunu inkar etməyək, cəmiyyətdə Şərq mentalitetində bunlar oturuşubdur. O cür kin-küdurətlə bir-birimizin axırına çıxarıq.
Ona görə də mən hörmətli Elmira xanımın verdiyi hesabat fonunda cəmiyyətdə ayrı-ayrı problemlərə nisbətən dözümlü yanaşmağı, amma dövlətin yürütdüyü siyasəti bütün hakimiyyət qollarının eyni ahənglə yerinə yetirməsini arzulamaq istədim.
Mən Amerika Birləşmiş Ştatlarının həyatını bu hesabatla əlaqəli bir az araşdırmışam. 2012-ci illə müqayisədə 2014-cü ildə qeyri-proporsional polis zorakılığı 80 faiz artıb. İrqi ayrı-seçkilik və irqə görə nifrət də 80 faizə qədər artıb. Əhalinin cəmi 1 faizini müsəlmanlar təşkil edirlər. Ksinofo-biya 14 faizdir, ən çox İslam dininə etiqad edənləri sevmir-lər. Amerikada 12 milyon işsiz var, 40 milyona qədər insanın tibbi sığortası yoxdur. Sərhədsiz Jurnalistlər Birliyinin media azadlığına verdiyi  indeksə görə, Amerika Birləşmiş Ştatları 47-ci yerdədir. Mən istəyirəm ki, demokratiya illüziyalarına tutulmuşlar bunu bilsinlər.
Hər kəsin izlənməsi, Edvard Snouden bunu sübut etdi. Qardaş, hərdən küfr edəcəyimi fikirləşirəm, mənə elə gəlir ki, Allah da heç insanları belə izləmir. Elə proqram tərtib ediblər ki, kompüter sönülü vəziyyətdə sənin daxili, ən mübhəm həyatını belə kamerasının obyektivinə götürməyə hazırdır. Biz nədən danışırıq? Budurmu şəxsi informasiyanın toxunulmazlığı, konfedisional sirlərə müdaxilə olunmaması? Ən ali dəyərlər insanın izlənməsindən sonra məhv olur. Bunu terrora qarşı mübarizə kimi də dəyərləndirirlər. 
Həbsxanalarla bağlı məsələyə toxunmaq istəyirəm. “Həbsxana əhalisi” deyilən bir termin var. Amerikanın həbsxanalarında 2,2 milyon adam var. Əhalinin hər 100 min nəfərinə düşənlərin sayına görə yenə də öncüllüyü təşkil edirlər. Mən bununla belə bir mənzərə yaratmaq istəmirəm ki, Azərbaycanda hansısa məmur, hansısa yerli şəxs kiminsə ünvanlı yardımını yeyirsə, buna  haqq verək, nə var ki, Amerikada bu problem var. Yox. Mən zamanında bu parlamentdə  Füzuli Ələkbərovun istefasını tələb edəndə “daha bu qədər konyunkturaya dözmək  olmaz” demişdim. “6 ay bu baş – 6 ay o baş”  prinsipi ilə işləmək olmaz. İndi Səlim Müslümovun işi sübut edir ki, Füzuli Ələkbərov cəfəngiyatla məşğul olub, antixalq fəaliyyəti aparıbdır. O cümlədən yeni müdafiə naziri də sübut edir ki,  kabinet naziri olmaq olmazdı. Bu adam saatını qolundan açıb, sadəcə, imitasiya naminə əsgərə vermir. O sübut edir ki, həqiqətən də, ölkə başçısının onun qarşısında qoyduğu vəzifə var və bu işləri yerinə yetirmək lazımdır. 
Mən elə hesab edirəm ki, biz bir-birimizin haqqını, azadlıqlarımızı tanımalıyıq, qonşu kimi bir-birimizi sevməliyik. Bir-birimizə o qədər  düşməncə münasibətimiz var ki, istənilən adamı dindirsən, başqası haqqında mənfi xatirələrini danışır. Bir adam digəri haqqında yaxşı söz söyləmək istəmir. Hamı bir-birinə mənfi münasibət bəsləyərsə, necə yaxşı cəmiyyət qura bilərik? Ona görə mən düşünürəm ki, bu hesabatdan, əslində, bir az yararlanarıqsa, Azərbaycan cəmiyyətinin gələcəyini hamımızın birgə səyi təmin edəcəkdir. Mən sizə buna görə...
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Bir az ədalət hissini itirməyin. Burada hamı Sizin haqqınızda yaxşı fikirdədir. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim.  Mən elə birinci təklifdən başlayıram və özüm də çalışa-cağam ki, buna riayət edim. 5 dəqiqəyə keçək ki, həmkar-larımızın hamısı fikirlərini deyə bilsinlər.
Qeyd etmək istəyirəm ki, biz hər il ombudsmanın illik məruzəsini dinləyirik və görürük ki, yeni yaranmış institut olmasına baxmayaraq, ombudsman öz kiçik aparatı ilə digər ölkələrin onilliklərlə fəaliyyət göstərən ombudsmanlarından daha səmərəli fəaliyyət göstərir. Elmira xanımın rəhbərliyi ilə regionlarımızda keçirilən görüşlər, aparılan işlər, vətəndaşların qəbulu, onların şikayətlərinə qulaq asılması, aidiyyəti orqanlar qarşısında məsələlərin qaldırılması, araşdırılması ilə bağlı mütəmadi fəaliyyət davam edir. Biz bu fəaliyyəti Milli Məclisdəki məruzədən deyil, ictimaiyyətdən, mətbuatdan görürük, izləyirik. İnsan hüquqları ilə bağlı hər hansı bir problem qalxanda, müraciət daxil olanda ombudsman və onun aparatı buna dərhal münasibət bildirir və bu məsələlərin ədalətli, Azərbaycan Respublikasının Konstitusiyasının müddəaları çərçivəsində həll olunmasına çalışır. Bir çox hallarda da buna nail olurlar.   
Deputat həmkarım Zahid Oruc ayrı-ayrı ölkələrdə baş verən hadisələrə toxundu. Çıxışımın əvvəlində də qeyd etdim, mən, əsasən, insan hüquqları ilə bağlı mütəmadi olaraq Azərbaycana qarşı olan ədalətsiz mövqedən danışmaq istəyirəm. Yəni demək istəyirəm ki, bu ədalətsiz mövqenin mərkəzində nə dayanır? Çalışırlar ki, bu vasitədən istifadə edərək Azərbaycana təhdidlər, müdaxilələr edilsin və nəticədə Azərbaycanın təbii sərvətlərindən güzəştli şəkildə bəhrələnsinlər. Qeyd olunduğu kimi, görürük ki, Liviyada, İraqda, Əfqanıstanda necə bəhrələnirlər.
Hörmətli Ziyafət müəllimlə NATO-nun Parlament Assambleyasında olurduq. Taliban Əfqanıstanda narkotik-lərin dövriyyəsini 3 faizə salmışdı, azaltmışdı. Demək olar ki, ləğv olunurdu. Amerika ordusu ora daxil olandan sonra bu dövriyyə 60 dəfə artıbdır. Hətta NATO qoşunları plantasiyalara nəzarət edir ki, birdən yandırarlar. Qoymurlar bu yansın, dağılsın, çünki qiymətli şeydir. Bunların hamısını Avropaya ixrac etmək lazımdır. Budur nəticə.
Burada yazır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosuna əsaslanıb Azərbaycandakı 2010-cu il seçkilərini və  Prezident seçkilərini əsaslandırmaq istəyir. Halbuki Amerika Birləşmiş Ştatları öz seçkilərində bu orqanı, ümumiyyətlə, qovdu, məntəqələrə yaxın buraxmadı, ərazisindən çıxardı.
Rusiyaya 70 nəfər göndərmək istəyirdilər, amma Rusiya tərəfi dedi ki, 30 nəfərdən artıq buraxmıram. Ümumiyyətlə, onları Rusiyada keçirilən prezident seçkilərinə heç burax-madılar. Bu orqanı öz seçkilərinə buraxmadıqları halda nəyə əsasən onun verdiyi anons əsasında Azərbaycanda keçirilən seçkilər haqqında fikir söylənilir? Orada Azərbaycan müəllimi, Azərbaycan həkimi, Azərbaycan zəhmətkeşi, fermeri haqqında bir kəlmə yazılmır.
Yaxud da, indi biz müzakirə etdik, Xocalı soyqırımı ilə əlaqədar nə qədər insanın hüquqları pozulub. 200 mindən artıq azərbaycanlı Ermənistanda mülkiyyət hüququndan, ümumiyyətlə, bütün hüquqlardan məhrum olub, didərgin salınıb.  1 milyondan artıq insan Dağlıq Qarabağ ətrafında olan rayonlardan didərgin salınıb, bütün hüquqlardan məh-rum olunub. Bu il bələdiyyə seçkiləri olacaq. Yazmışıq ki, onların bələdiyyəyə  seçmək, seçilmək hüququ var. Ermə-nistan tərəfindən onların hüquqları pozulub. Bu hüquqdan xəbəri yoxdur. Siyasi partiyanın və yaxud da ictimai təşkilatın üzvü olan 2 dələduz gedib haradasa şuluq salıb, onun hüquqları əsas hüquqlar olub. Azərbaycanda  seçkini onlarca qeyri-hökumət təşkilatı, siyasi partiya izləyib. 40 mindən artıq vətəndaş seçki mühitini müşahidə edib.
Bunların hamısı kənarda qalıb. Qrant verərək, seçki haqqında mənfi informasiya yazmağı tələb etdikləri şəxs də o pulları mənimsəyib, vergidən yayınıb və Azərbaycanın qanunvericiliyinin tələblərinə uyğun məsuliyyətə cəlb olunub. Məhkəmə qərarı olmadan onun azadlığa buraxıl-masını tələb edirlər. Sən hakimsən,  prokurorsan, məhkə-məsən? Sənin nə hüququn var? Cinayət törədibsə, o araş-dırılır, istintaq gedir. İstintaq bitməmiş, onun haqqında məhkəmə qərarı çıxarılmamış sən onun azadlığa buraxıl-masını tələb edirsən.
Bəlli olur ki, başqa ölkələrdə iğtişaş törətmək üçün qabaqcadan hazırladıqları adamlar bir-bir ortaya çıxır. Bunların müdafiə etdikləri Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycanın maraqları deyil, onlara qulluq edən həmin desantlardır.
Dünən müxalifət partiyalarından birinin rəhbəri öz feys-bukunda yazır ki, Azərbaycan hökuməti Təhlükəsizlik Şurasında müzakirə aparmalıdır, bizə qarşı mübarizə aparılmamalıdır və sair. Birincisi, sizə qarşı mübarizə yoxdur. İkincisi, bəli, daxildəki xainlərimizlə məşğul olmalıyıq ki, onlar bizi kürəyimizdən bıçaqlamasınlar.
Millətin, xalqın, dövlətin marağını vəsaitə, pula satırsa, yalandan insan hüquqlarını bəhanə edib ayrı-ayrı təşkilatlara siyahı göndərirsə, – müəyyən ediblər ki, bu adamların heç yarısının adı yoxdur, yarısı da, ümumiyyətlə, azadlığa buraxılıbdır, – bunları insan hüquqlarının pozulması kimi qiymətləndirib Azərbaycana hər hansı bir zərbə vurmaq istəyirsə, o, Azərbaycana müdaxilə edən digər dövlətdən daha artıq xaindir, daha artıq cəzaya layiqdir. Mən hesab edirəm ki, bu cür insanlara qarşı təkcə hüquq mühafizə orqanları deyil, hər bir vətəndaş mübarizə aparmalıdır. Bu gün dövlətin təhlükəsizliyi, bütövlüyü, sabitliyi hamınındır və hər bir vətəndaş bundan geniş şəkildə bəhrələnməlidir. Mən hesab edirəm ki, biz bu məsələlərə çox diqqətlə yanaşmalıyıq. Mən ombudsmanın hesabatını çox təqdirəlayiq hesab edirəm. Xahiş edərdim ki, deputat həmkarlarım da bunu müdafiə etsinlər və səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Siyavuş müəllim, çox sağ olun, təşəkkür edirəm. Siyavuş müəllim danışdıqca mənim yadıma Krılo-vun “Qurd və quzu” təmsili düşür. Yadınıza salmaq istəyi-rəm. Qurd gəlir çay başına, görür ki,  quzu oradadır. Deyir ki, mən səni yeyəcəyəm, çünki suyu lilləndirirsən. Quzu deyir ki, axı, mən səndən aşağıdayam, suyu necə lilləndirə bilərəm? Canavar cavab verir ki, çox danışma, sənin günahın odur ki, mən səni yemək  istəyirəm. Beynəlxalq hüquq belədir, Siyavuş müəllim. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İnsan hüquqları üzrə müvəkkil Elmira Süleymanovanın təqdim etdiyi hesabatı məqbul hesab edirəm, ona səs verəcəyəm. Qısa bir müddət ərzində bu təsisat ölkəmizdə çox hörmətli bir instituta çevrilib, insanlarımızın, vətəndaş-larımızın etimadını qazanıb.
Məruzədə Xocalıda törədilən  soyqırımla bağlı olan hissəyə  diqqət yetirib bəzi təkliflərimi vermək istəyirəm. Çox istərdim ki, gələcək hesabatlarda Xocalıda Ermənis-tanın dövlət səviyyəsində azərbaycanlılara qarşı törətdiyi soyqırım ayrıca bir paraqrafda verilsin. Bununla bağlı İnsan hüquqları üzrə hörmətli müvəkkilimizin dünya təşkilatlarına, ayrı-ayrı ölkələrə göndərdiyi müraciətlər həmçinin kütləvi informasiya vasitələrinə və hətta bir neçə insan hüquqları müvəkkilinə də göndərilsin.
İkinci təklifim. Hesab edirəm ki, hesabatda yenə ayrıca bir paraqraf olaraq mütləq Ermənistandan deportasiya edilmiş qaçqınların hüquqları ilə bağlı bir hissə öz əksini tapmalıdır. Düzdür, burada var, amma daha qabarıq olma-lıdır. Eyni zamanda, Ermənistan Silahlı Qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ regionu və ətraf rayonlarından qovulmuş məcburi köçkünlərinin hüquqlarının da ayrıca paraqrafda verilməsi faydalı olar. Nəhayət, bəlkə də qəribə səslənəcək, amma hesab  edirəm ki, insan hüquqları üzrə müvəkkilimiz növbəti hesabatlara Naxçıvanın Ermənistan tərəfindən blokadaya alınması nəticəsində orada yaşayan vətəndaşlarımızın hərəkət, fəaliyyət hüququnun məhdudlaşdırılmasını əks etdirən müddəalar daxil etsə, daha yaxşı olar. Bu bizim beynəlxalq mövqelərimizi möh-kəmləndirə bilər.
Bayaq hörmətli Ziyafət müəllim də söylədi, heç şübhəsiz, əvvəlki illərlə müqayisədə bu il “Xocalıya ədalət” kampaniyası çərçivəsində keçirilən tədbirlər daha mütəşəkkil oldu. Bunun da nəyin nəticəsində olduğu, hesab edirəm ki, bütün sənədlərimizdə vurğulanmalıdır. Bu, çox hörmətli Prezidentimiz İlham Əliyevin hücum diplomatiyasının nəticəsidir. Xüsusən mən bunu Türkiyənin Uşak, Almaniyanın Köln və Hamburq şəhərlərində keçirilən tədbirlərdə gördüm. Cənab Prezidentimizin səyləri nəticəsində ermənilərin 20 il müddətində bizə qarşı apardıqları siyasətə alternativlər qoya və həqiqətlərimizi çatdıra bilmişik.
Hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkil yaxşı işlər görür. Amma qeyri-hökumət təşkilatları, müvafiq dairələrdən seçilmiş deputatlarla birlikdə insan hüquqlarına aid treninqlər, maarifləndirmə işləri keçirilərsə, yaxşı olar, çünki bizim vətəndaşlarımızın bəziləri hələ də hüquqları ilə bağlı hansı orqana müraciət edəcəklərini bilmirlər. Hətta çox hörmətli millət vəkillərinə elə müraciətlər edirlər ki, onlar millət vəkillərinin səlahiyyətlərinə daxil deyil.
Nəhayət, çox hörmətli Ziyafət müəllim, bir məsələni vurğulamaq istəyirəm. Siz hüquqşünassınız, bəlkə bizim televiziyalarımızda insan hüquqları ilə bağlı ayrıca proqramların təşkil edilməsi faydalı olardı. Köhnə zamanlarda bu proqramlar var idi. Bu, insanlarımızın hüquqi maarifləndirilməsində faydalı olardı, çünki bizim televiziyalarımız bəzən boş, mənasız verilişlər verirlər, zamanı ötürürlər. Mənim, ümumiyyətlə, fikrim bundan ibarətdir ki, xanım Elmira Süleymanovanın rəhbərliyi altında çox gözəl bir kollektiv yaranıb, insan hüquqları müvəkkilliyi Azərbaycanda nüfuzlu qurumlardan birinə çevrilib. Mən onlara işlərində uğurlar arzulayıram və hesabata səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail müəllim, sualınız var? Buyurun.
F.Ağamalı. Çox sağ olun. Hörmətli sədarət! Mən, əlbəttə, ölkəmizin İnsan hüquqları üzrə müvəkkilinin və onun Aparatının illik fəaliyyətinə müsbət yanaşıram. Düşünürəm ki, onlar kifayət qədər fəal çalışıb, lazımi səviyyədə işləyiblər.
Bir təkliflə çıxış etmək istəyirəm. Mən bu təklifi ötən iclasımızda Xocalı faciəsi ilə bağlı müzakirələr zamanı önə çəkdim. O təklifi Xocalı faciəsi öncəsi Bahar xanımın rəhbərliyi ilə Atatürk Mərkəzində  keçirilən müzakirələrdə bir iştirakçı dilə gətirmişdi. Mən onu vacib bilərək Milli Məclisdə səsləndirdim. Söhbət Xocalı soyqırımının tanın-ması ilə bağlı dünya ölkələri ombudsmanlarının Bakıda Xocalı faciəsinə həsr olunmuş konfransının keçirilməsindən gedir. Hörmətli Elmira xanım, Siz bu il, yəni 2014-cü ildə bu təklifin həyata keçirilməsinə nail olsaydınız, Xocalı faciəsinin dünya miqyasında soyqırımı kimi tanınmasına, eyni zamanda,  “Xocalıya ədalət” kampaniyasının uğuruna ombudsman olaraq töhfənizi vermiş olardınız. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də ilk öncə qarşıdan gələn 8 Mart beynəlxalq qadınlar günü münasibətilə millət vəkili xanımlarımızı, bütün Azərbaycan qadınlarını təbrik edir, onların ən gözəl arzu və diləklərinə çatmalarını arzu edirəm.
Elmira xanımın burada təqdim etdiyi hesabatı çox yüksək qiymətləndirirəm. Ümumiyyətlə, hesab edirəm ki, başda İnsan hüquqları üzrə müvəkkil olmaqla ombudsman institutu ölkəmizdə ən yaxşı fəaliyyət göstərən qurumlardan biridir. Mən həm millət vəkili seçildiyim rayonda və ölkəmizin digər bölgələrində, həm də Azərbaycanın hüdudlarından kənarda Elmira xanımla bərabər səfərlərdə, görüşlərdə olarkən İnsan hüquqları üzrə müvəkkilin, ombudsman institutunun insanlara hüquqlarının müdafiəsi istiqamətində nə qədər yardım etməsinin şahidi olmuşam. Ona görə də bu hesabatı dəstəkləyərək bəzi məsələlərə də toxunmaq istəyirəm.
Dünyanın müxtəlif ölkələrində Milli Məclis xətti ilə Xocalı soyqırımını anma tədbirləri keçirildi və biz o tədbirlərin bir çoxunda iştirak elədik. Cənab Prezidentin, eləcə də Heydər Əliyev Fondunun rəhbəri hörmətli Mehri-ban xanımın və “Xocalıya ədalət” kampaniyası çərçi-vəsində Leyla xanımın rəhbərliyi və Milli Məclisin xətti ilə dünyanın hər yerində bu istiqamətdə aparılan işlər sayəsində Xocalı soyqırımını tanıyan dünya dövlətlərinin sayı ildən-ilə artmağa başlayır. Biz inanırıq ki, son nəticədə bu soyqırımını törədən cinayətkarların ədalət qarşısında cavab verməsini də təmin edə biləcəyik. Dünyanın bir çox ölkələrində “Xocalıya ədalət” kampaniyasına dəstəklərin artması da bunu göstərir.
Mən bu hesabatla bağlı bəzi məsələlərə toxunacağam. Təbii ki, ölkəmizdə bütün sahələrdə gedən inkişaf, əldə olunan uğurlar Elmira xanımın hesabatında öz əksini tapır. Bəzi çox vacib, çox önəmli məsələlər burada təklif kimi səslənir. Mən o təkliflərin üzərində durmaq istəyirəm.
Bizə gələn şikayətlərdən və Elmira xanımın hesabatından da görünür ki, bölgələrdə ünvanlı sosial yardımla bağlı çox ciddi problemlər, narazılıqlar var. Mən özüm millət vəkili seçildiyim rayonda, kəndlərdə bu sahədə yaranan problemlərlə bağlı dəfələrlə müraciət etmişdim. Dövlət bu vəsaiti aztəminatlı, yoxsul insanlara yardım məqsədi ilə verir. Bu yardımın onlara vaxtında çatması, onların incidilməməsi, süründürülməməsi çox önəmlidir. Ona görə də bu sahəyə cavabdeh qurum olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, yeni əmək və əhalinin sosial müdafiəsi naziri Səlim müəllimin bu istiqamətdə dönüş yaradacağına inanmaq istərdik.
Digər məsələ. Elmira xanım da hesabatında bu məsələyə toxunub. Dövlətimiz bir sıra xəstəliklərlə bağlı proqramlar həyata keçirir və biz onların müsbət nəticələrini görürük. Amma bu gün ölkəmizdə hepatit C ilə yoluxmaların və bundan əziyyət çəkən insanların sayı çox ciddi şəkildə artır. Bu elə bir sürətlə insanları ağır vəziyyətə salır ki, onlara orqan nəqlinə ehtiyac olur. Dərmanlar, prosedurlar çox bahalıdır. Ona görə də hepatit C ilə bağlı dövlət proqramının qəbul olunmasına ehtiyac var.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Psixiatriya xəstəxanalarında tibbi personala verilən əmək haqlarının artırılmasından tutmuş bir çox istiqamətlərdə ciddi dönüş yaradılmalıdır. Psixiatriya xəstəxanalarında, ruhi əsəb dispanserlərində ciddi problemlər var, ciddi şəkildə dəyişikliklərə ehtiyac var. Bunun biz Elmira xanımla özümüz gedib şahidi olmuşuq.
Məktəbəqədər müəssisələrlə bağlı məsələ də az əhəmiyyət daşımır. Hesab edirəm ki, müvəkkilin də vurğuladığı kimi,  bu müəssisələrin Təhsil Nazirliyinin balansına qaytarılması çox vacib məsələdir.
Mən bu təklifləri səsləndirdikdən sonra ombudsmanın hesabatındakı söz və mətbuat azadlığı məsələsinə də bir jurnalist kimi münasibətimi bildirmək istəyirəm. Ölkəmizdə söz və mətbuat azadlığı sahəsində çox böyük işlər görülüb və demək olar ki, bu istiqamətdə hər hansı bir ciddi problem yoxdur. Bu gün rast gəlinən yeganə ciddi problem ondan ibarətdir ki, bəzi qüvvələr söz və mətbuat azadlığından öz çirkin məqsədləri üçün istifadə edərək dövlətə, dövlətçiliyə xidmət edən insanlara ləkə yaxır, onlara qarşı böhtan kampaniyaları aparırlar. Bu bizi söz və mətbuat azadlığını genişləndirməkdən daha çox ondan sui-istifadə hallarının qarşısının alınması barədə düşünməyə vadar edir.
Şəxsən mən Xocalı soyqırımını anma tədbirlərində iştirak etdiyim zaman özümə qarşı olan bu kampaniyalarla bağlı ölkənin milli təhlükəsizlik nazirinə bu gün müraciət göndərmişəm. Bu müraciətdə vurğulamışam ki, mən heç nədən qorxmuram, çəkinmirəm və bütün fəaliyyətimin araşdırılmasına da hər zaman hazıram.
Digər millət vəkili həmkarlarım özləri bilərlər, mən öz adımdan bu müraciəti eləmişəm. Mənim fəaliyyətim həmişə millətimə, dövlətimə xidmət etməkdən ibarət olub. Amma kiminsə xoşuna gəlmədiyim üçün media vasitələrində mənə qarşı bu kampaniyanı aparanların araşdırılaraq xalqın önünə çıxarılmasını istəyirəm. Çünki bu kampaniyalar bu gün mənə qarşı aparılırsa, sabah başqalarına qarşı aparıla bilər. Ona görə biz mətbuat və mediadan bu cür sui-istifadə edənlərə qarşı hamımız ciddi mübarizə aparmalıyıq.
Həyatında bir dəfə də Səid Nursidən sitat gətirməyən insanı, sadəcə, türk məktəblərinə dəstək verdiyinə görə nurçuluqda ittiham edən, sən hansısa kölgəli işlərlə məşğul olursan deyə ona böhtan atanların ciddi hesabat verməsi gərəkdir. Mən təkcə Çağ Öyrətim Şirkətinin deyil, Turan Yazgan xocanın okullarının, bütün Anadolu okullarının, bütün gözəl məktəblərin fəaliyyətini dəstəkləmişəm. Ona görə dəstəkləmişəm ki, uşaqlarımıza yaxşı təhsil verirlər. Nə etməliydim, uşaqlarımızı Suriyadakı döyüşlərə səs-ləyənlərinmi yanında olmalıydım? Bu parlamentdə onların haqqında danışan kimi onlar və havadarları  üzərimizə düşməyə başlayıblar.
Bu gün mənə qarşı aparılan kampaniya sabah digər millət vəkillərinə qarşı da aparılacaq. Ona görə biz söz və mətbuat azadlığından çirkin məqsədlərlə istifadə edənlərə qarşı mübarizə mexanizmlərini daha da gücləndirməliyik. Sağ olun. 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Qənirə xanım, Siz özünüz də jurnalist olmusunuz. Mən bayaq bir söz dedim, Siz fikir vermədiniz. Mən bayaq dedim ki, hər məsələni parlament səviyyəsinə çıxarmayın. Müraciət etmisiniz, o Sizin öz işinizdir, amma hər məsələni parlament səviyyəsinə çıxarıb, parlament adından demək doğru deyil. Mən həmişə bunun əleyhinə olmuşam. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən diqqətlə Elmira xanıma qulaq asdım. Əlbəttə, əvvəldən də sənədlə tanış olmuşdum. Çox mükəmməl bir sənəd hazırlanıb. Ətraflı şəkildə izahdan başqa, həm də yaxşı təkliflərlə əhatə olunub.
Mən, sadəcə, bəzi təkliflər də əlavə olunsun deyə bir neçə fikrimi bildirmək istəyirəm. Hesab edirəm ki, insan haqları deyəndə insanların, əsasən, öndə gedən haqqı olaraq yaşam haqqı nəzərdə tutulmalıdır və mən düşünürəm ki, Azərbaycandakı istehlak səbətinin qiyməti ilə bugünkü maaşların, təqaüdlərin, minimum əmək haqqının, ehtiyac meyarının səviyyələri eyni deyildir. Mən arzulayıram ki, Elmira xanım həm əmək haqlarının, həm ehtiyac meyarının, həm pensiyaların, həm də minimum əmək haqqının istehlak səbətinə uyğun olaraq müəyyənləşdirilməsi barədə təkliflə çıxış eləsin.
İkinci, ölkəmizdə son zamanlar qaçqın və köçkünlərin yerləşdirilməsi ilə bağlı  ciddi addımlar atılır. Mən bunu təqdir edirəm. Tədricən insanları şəraiti olmayan yerlərdən, zəbt etdikləri mənzillərdən çıxararaq hər şəraiti olan evlərdə, mənzillərdə yerləşdirirlər. Təklif edirəm, Elmira xanım belə bir təşəbbüslə də çıxış eləsin ki, köçkünlər yeni yerlərə köçürüləndə ilk növbədə zabitlərin zəbt olunmuş evlərindən çıxarılsınlar və bu zabitlər öz evlərinə yerləşdirilsinlər. Çünki mənə xeyli zabitin müraciətləri vardır. Onlar mənzil məsələsi ilə bağlı ciddi ehtiyac qarşısında qalıblar.
Üçüncü məsələ. Bakının siması günü-gündən dəyişir, yaxşılaşır. Amma etiraf eləyək ki, şəhərdə, əsasən, onun mərkəzi küçələrində dilənçilərə çox rast gəlmək olur. Az qala artıq inzibati ərazi bölgüsündən bilirsən ki, hansı harada yerləşir. Amma onların heç də hamısı ehtiyac üzündən dilənmir. Bəlkə Elmira xanım bir təşəbbüslə çıxış eləyə ki, onlar üçün xüsusi kamplar təşkil olunsun və onlar küçələrdən yığışdırılaraq o müvəqqəti kamplara yerləş-dirilsinlər. Ehtiyacı olanlar qocalar evlərinə, uşaqlar evlərinə, xəstələr evlərinə yerləşdirilsinlər, digər hissəsi isə, sadəcə olaraq, asan qazanc üçün insanların mərhəmətindən sui-istifadə edirsə, onlara qarşı lazımi tədbirlər görülsün. Bu həm küçələrdə dilənən,  həm də kənardan onlarla kontaktı olan insanların hüquqlarının müdafiəsinə yönələn tədbir olar. Bakının da siması ciddi şəkildə dəyişilər. 
Mən bu hesabata səs verəcəyəm və Elmira xanıma, onun idarəsinə, onun rəhbərliyində çalışanlara uğurlar arzulayı-ram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Mən də təqdim olunan hesabatı tam şəkildə bəyənirəm və onun lehinə səs verəcəyəm. Hesabatda om-budsmanın insan hüquqları və azadlıqlarının müdafiəsi sahəsində fəaliyyəti tam şəkildə əhatə olunmuşdur. İnsan hüquqları üzrə müvəkkilin hüquq mühafizə orqanları və inzibati orqanlarla sıx əməkdaşlığı da burada qeyd olunmuşdur. Qeyd etmək lazımdır ki, hesabat əksər  hallarda faktoqrafiyaya söykənmişdir. Yəni faktlar, rəqəmlər gətirilmişdir ki, bu da təqdim olunan hesabatın dürüstlüyündən xəbər verir.
Burada hörmətli həmkarım Siyavuş müəllim Amerikanın Əfqanıstanı zəbt etməsi ilə bağlı çox maraqlı bir məsələyə toxundu. Düzdür, Siyavuş müəllim orada narkotik maddələrin istehsalı ilə bağlı müqayisəni nisbi rəqəmlərlə gətirdi. Mən mütləq rəqəmlərlə gətirmək istəyirəm. 2002-ci ildə kiçik Corc Buş Amerika əsgərlərini Əfqanıstana göndərəndə onların qarşısında çıxış edərkən demişdi ki, Əfqanıstan Amerikadan on minlərlə kilometr uzaqdadır. Lakin mən sizi orada azadlığı, demokratiyanı qorumağa göndərirəm. Amma sonradan məlum oldu ki, məqsəd heç də demokratiyanı qorumaq deyilmiş. Elə bir bu müqayisəni gətirmək kifayətdir ki, o vaxt əgər Əfqanıstanda ildə 450 min ton narkotik maddə istehsal olunurdusa, bu gün həmin rəqəm 750 min tondur və o ölkəyə gətirilən dırnaqarası demokratiyanın nəticəsi budur.
Bir məsələyə də toxunmaq istəyirəm. Srağagün Çində bir terror aktı baş verib və “Euronews” hər yarım saatdan bir efirdə məlumat yayır ki, bu terror aktını törədən uyğurlar, müsəlmanlardır. Tutaq ki, bu terror aktında 10 nəfər iştirak edib. Çində 30 milyondan yuxarı uyğur yaşayır. Yəni terrorçuların dini mənsubiyyətinin xüsusi olaraq nəzərə çatdırılması təsadüfi deyil. Bu gün sivilizasiyaların, dinlərin müharibəsi gedir. Müsəlman dininə etiqad edən insanların əksəriyyətini terrorçu kimi qələmə verirlər. Ona görə də Elmira xanım Avropada çalışan zaman onun işi bir az da mürəkkəbləşir. Amma bu mürəkkəbləşmənin qarşısını Elmira xanım öz zəhməti ilə, o kiçik komandasının böyük fəaliyyəti ilə kompensasiya edir.
Burada əhali qruplarının – qaçqınların, məcburi köçkünlərin və miqrantların hüquqlarının müdafiəsi ilə bağlı ayrıca hissə var. Doğrudan da, cənab Prezidentin rəhbərliyi altında məcburi köçkün və qaçqınların layiqli yaşayışını təmin edən çoxlu sayda işlər görülüb. Buraya onların mənzil şəraitinin yaxşılaşdırılması, təminatlarının artırılması və sair daxildir. Demək olar ki, məcburi köçkünlərin məskunlaşdığı bütün bölgələrdə yeni-yeni qəsəbələrin salınması, lazımi infrastrukturun yaradılması, hamısı cənab Prezidentin rəhbərliyi altında görülən işlərdir. Elmira xanım da çox sağ olsun ki, bu məsələni hesabatda geniş əhatə edib.
Yəqin ki, bu hesabat dünyanın bır sıra dillərinə tərcümə olunub yayılacaq. Bir daha qeyd edirəm ki, mən hesabatın lehinə səs verəcəyəm və deputat həmkarlarımı də bu addımı atmağa çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. Hörmətli Elmira xanımın məruzəsində və buradakı çıxışlarda ötən il ərzində İnsan haqları üzrə Azərbaycanda görülmüş işlər ətraflı şəkildə bildirildi.
Mən qısaca bir-iki məqama toxunmaq istəyirəm. İnsan haqları universal, ümumbəşəri xarakter daşıyır. Azərbay-canda insan haqlarının qorunması istiqamətində qəbul etdiyimiz qanunlar, o cümlədən qoşulduğumuz beynəlxalq aktlar və konvensiyalar ölkəmizdə insan haqlarının bəşəri dəyərlər səviyyəsinə qaldırılmasına şərait yaradıbdır.
İnsan haqları, insan hüquqları, əlbəttə, ikili standartı özündə əks etdirməməlidir. Amma çox təəssüf ki, beynəl-xalq münasibətlərdə insan haqları və insan hüquqlarından da ikili standart kimi istifadə edən dairələr və qüvvələr vardır. Həmin dairələr insan haqları adı altında bu və ya digər ölkələrin daxili işlərinə müdaxilə edirlər və bunların da hansı acı nəticələr verdiyini biz görməkdəyik. Ona görə də Azərbaycanın daxilində fəaliyyət göstərən bir sıra siyasi və ictimai qurumlar bu acı təcrübəni göz önünə gətirməli və insan haqları adı altında ölkəmizə hansısa bir formada təzyiq göstərmək istəyən dairələrin əlində alətə çevrilməməlidir.
Azərbaycanda qeyri-hökumət təşkilatları insan haqları, hüquqları, onların təbliği və təşviqi istiqamətində çox böyük işlər görürlər. Ölkəmizdə fəaliyyət göstərən QHT-lərin əksəriyyəti insan hüquq və azadlıqlarının qorunması istiqamətində müxtəlif layihələri həyata keçirməkdədirlər. Eyni zamanda, bizim elə qurumlarımız vardır ki, onlar bu sahədə beynəlxalq təşkilatlar və ayrı-ayrı xarici ölkələr səviyyəsində ciddi işlər görürlər.
Məndən öncə burada çıxış edən hörmətli həmkarlarım Xocalı ilə əlaqədar beynəlxalq miqyasda görülən işlərdən danışdılar. Bu sahədə çox böyük işlər görülüb. “Xocalıya ədalət” kampaniyası çərçivəsində görülən işlər öz bəhrəsini verməkdədir. Amma hesab edirəm ki, Ermənistanın təcavü-zü nəticəsində qaçqın və məcburi köçkün olmuş insan-larımızın hüquq və azadlıqlarının qorunması istiqamətində də biz il boyu iş aparmalıyıq. İnsan haqları üzrə müvək-killiyimiz bu sahədə böyük işlər görsə də, bu istiqamətdə fəaliyyəti daha da gücləndirmək lazımdır.
İnsan hüquqları üzrə müvəkkilliyimizin beynəlxalq əla-qələri ilə bağlı bir məqama toxunmaq istəyirəm. Həqiqətən də, burada çox işlər görülür, beynəlxalq əlaqələr geniş-ləndirilir. Mən mətbuat və televiziya vasitəsi ilə diqqətlə izləyirəm. Hörmətli Elmira xanım, demək olar ki, beynəl-xalq aləmdə keçirilən bütün tədbirlərə qatılır və Azərbay-canın mövqeyini həmin tədbirlərdə çatdırır.
Məndən öncə burada maarifləndirmə ilə bağlı fikir səsləndirildi. Mən o fikri dəstəkləyirəm. Ölkə daxilində maarifçilik sahəsində işlər sürətləndirilməli, bu istiqamətdə müəyyən addımlar atılmalıdır. Xüsusilə televiziyalarda Milli Məclisin insan hüquq və azadlıqları ilə bağlı qəbul etdiyi qanunların təşviqi ilə bağlı verilişlərə xüsusi yer ayrılmalıdır.
Mətbuat azadlığı ilə bağlı bir fikrimi demək istəyirəm. Həqiqətən də, Azərbaycanda mətbuat və internet azadlığı dünyanın ən qabaqcıl ölkələri səviyyəsindədir. Hətta mən deyərdim, Azərbaycanda internet Qərb ölkələri ilə müqayi-sədə daha azaddır və internetdə insanlar öz fikirlərini heç bir məhdudiyyət olmadan azad şəkildə ifadə edə bilirlər. Halbuki biz ətrafımızda olan ölkələrdə internetə məhdudiyyətlərin qoyulduğunu görməkdəyik.
Amma çox təəssüf ki, mətbuat və internet azadlığından sui-istifadə edənlər vardır. Vaxtilə Mark Tven XIX əsr Amerikası üçün deyirdi ki, biz Amerikada mətbuat azadlığı əldə etdik, lakin azad insanları azad mətbuatdan qorumaq mexanizmlərini yarada bilmədik.
Düzdür, Qərbdə artıq bu mexanizmlər yaradılıbdır. Amma Azərbaycanda bəziləri azad mətbuatdan və internet-dən sui-istifadə edərək şər və böhtan kampaniyasını davam etdirir.  Bu vasitədən yalnız hakimiyyət uğrunda savaşda və qruplararası mübarizədə deyil, fərdi mübarizədə, ayrı-ayrı şəxslərin fəaliyyətini gözdən salmaqda da istifadə edilmək-dədir. Ona görə də insan hüquq və azadlıqlarından danışar-kən bizim qurumlarımız, o cümlədən ictimai qurumlarımız bunu nəzərə almalıdırlar.
Bütövlükdə mən məruzəni müdafiə edirəm və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Çıxış edənlərin sayı get-gedə artır. Əgər etiraz yoxdursa, iki nəfər də çıxış etsin, günün birinci yarısında bu məsələni yekunlaşdıraq.  Sabir Rüstəmxanlı buyursun.
S.Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Məclis! Mən Elmira xanımın həm hesabatını, həm də fəaliyyətini yüksək qiymətləndirirəm. Mənə elə gəlir ki, burada oturanların böyük əksəriyyətinin ombudsmanın fəaliyyətinə münasibəti müsbətdir və bunu hər kəs də ifadə edir. Hesabata da, şübhəsiz ki, səs verəcəyik.
İnsan haqları qlobal problemdir və bu gün dünyada bütün dövlətləri, millətləri düşündürən bir məsələdir. İnsan haqlarının tarixi, fəlsəfəsi, məqsədi və bu gün onu əllərində bayraq edənlərin gizli niyyətləri haqqında çox danışmaq olar. Bu gün, yeni dövrdə millətlərin və bütöv dövlətlərin hüquqlarını bəzən insan haqları adı altında geri itələmək və bir sıra dövlətlərin, bütövlüklə cəmiyyətlərin hüquqlarını danmaq halları var. Məsələn, bəzən bir-iki insanın hüquqları müdafiə olunduğu halda bir də görürsən, 1 milyon qaçqının hüquqları yada düşmür. Bu, dünyada gedən prosesin bir tərkib hissəsidir və hamımızın gözünün qabağındadır.
Burada mənim yadıma mərhum Heydər Əliyevin bir sözü düşür. Deyirdi ki, biz ikili standartlar şəraitində yaşadığımızı bilirik və dünyada, doğrudan da, ikili standartlar var. Bunu inkar etmək mümkün deyil. Şərqə, müsəlman dünyasına, türk dünyasına ayrı bir münasibət var. Bu, göz qabağındadır, inkarolunmazdır. Amma biz ikili standartlar şəraitində işləməyə öyrəşməliyik. Bu çox dəqiq və gözəl bir sözdür. Biz başqa bir şərait yarada bilmərik. Dünyanı təzədən qurmaq bizim imkanımız daxilində deyil. Amma bu şəraitdə necə işləməliyik ki, dövlətimizin, millətimizin marağını qoruya bilək? Əsas budur.
Məncə, biz bəzən məsələyə tam başqa bir yöndən yanaşırıq. Biz haqqımızda deyilən tənqidi fikirlərin növbəti mərhələdə olmaması üçün nə etməli olduğumuzu düşünmək əvəzinə bəzən başqalarını ittiham etməyə başlayırıq ki, mənə niyə belə deyirsən, mənim qonşum məndən daha da pisdir. Bu məntiqlə yanaşmaq olmaz. Biz buna başqa cür yanaşmalı, fikirləşməliyik ki, bəli, bu qüsurlar deyildi, – düz deyilmir çoxu, – amma nə edək ki, gələcəkdə bu qüsurlar bu şəkildə deyilməsin.
Mən hesab edirəm ki, biz bu beynəlxalq qurumları, nə bilim, insan hüquqları institutlarını, böyük dövlətləri ittiham etməli deyilik. Bəli, onlara cavab verməliyik, hesabatlarımızı arqumentli şəkildə hazırlayıb göndərməliyik. Məsələn, biz hansı ildə o hazırlanan hesabatla bağlı mükəmməl bir sənəd hazırlayıb ora göndərmişik? Mən demirəm, bunu Milli Məclis etməlidir. Bunu bəlkə də başqa idarələr, başqa təşkilatlar etməlidir. Amma biz bir dəfə, iki dəfə onların qarşısında o sənədlərlə çıxış etməliyik ki, siz bu arqumentləri düz demirsiniz, bu da səhvdir, bu da səhvdir. Yoxsa öz aramızda bu Milli Məclisdə Amerika düz etmir və sair deməklə iş düzəlmir.
Əslində, Azərbaycan insan haqları məsələsinin geniş müzakirəsindən qətiyyən qorxmalı deyil. Çünki Azərbaycan insan haqları məsələsində bir çox dünya ölkələrinə nümunə ola bilər. Biz insanpərvər bir millətik və bizim təbiətimizdə tarixən də humanist cəhətlər çox üstündür. Məsələn, Azərbaycanda irqçilik yoxdur, dini dözümsüzlük yoxdur, milli azlıqlara dözümsüz münasibət yoxdur. Bu cəhətdən dünyada bizim səviyyədə o qədər də çox dövlət tapmaq olmaz. Ən böyük dövlətlərdə belə dediyim bu qüsurlar var. Ona görə də lazım olsa, biz çəkinmədən insan haqları məsələsində dünyanın böyük dövlətləri ilə də üzbəüz oturub danışa bilərik. Deyərik ki, bu bizdəki vəziyyət, bu da sizdəki vəziyyət.
Amma bunu biz yalnız quru söz səviyyəsində yox, ciddi arqumentlərlə, faktlarla etməliyik. Mənə elə gəlir ki, bunu etmək üçün biz içimizdəki bəzi problemləri də həll etməliyik. Yəni bunu biz dünyaya hesabat üçün etməli deyilik. Öz millətimizə hesabat üçün, öz millətimizə hörmət naminə etməliyik.
Azərbaycanda, doğrudan da, insan hüquqlarının qorunması sahəsində vəziyyət arzuolunan səviyyədə deyil. Bu gün burada artıq mülkiyyət hüququ ilə bağlı vəziyyət haqqında deyildi. İnsanların mülkiyyəti zorla əllərindən alınıb. Orta əsrlərdə, şahların dövründə belə məsələləri qazilər həll edirdilər. Hüquqi işlərin qazilər tərəfindən aparıldığı vaxtlarda birinin mülkünə sahibinin razılığı olmadan toxunmaq olmazdı. Mülkiyyət hüququ, sahibkarlıq fəaliyyəti hüququ, söz azadlığı, xüsusən gənclərimizin işlə təminat hüququ – bu sahələrdə məgər biz deyə bilərik ki, Azərbaycanda hər şey yerindədir, hər şey əladır, ona görə də biz sevinməliyik? Yox.
Mən, doğrudan, Azərbaycanda görülən işləri dəyərlən-dirirəm. Milli Məclis zəruri qanunları qəbul edir, dövlət lazım olan addımları atır. O şey ki qanuna bağlıdır, bu həll olunur. Amma o şey ki o qanunun icrasına bağlıdır, məmura bağlıdır, adamlara münasibətə bağlıdır, orada qüsurlar var.
Burada millət vəkillərinin çoxu özlərinin hüquqlarını qoruya bilir, adi vətəndaşın hüquqlarını qoruya bilsin? Ona görə də biz ölkədə, əlbəttə, insan haqları ilə bağlı ciddi işlərin görülməsinin zərurətini də inkar edə bilmərik. Hesab edirəm ki, küll halında çox şey həm də ölkənin ümumi inkişafından asılıdır. Ölkənin iqtisadiyyatı gücləndikcə, qanunlar qəbul olunduqca, işə düşdükcə insanlara münasi-bət, onların hüquqlarına münasibət də dəyişəcək.
Bir məsələni də deyim ki, son vaxtlar Azərbaycanda xüsusən gənclərin bəzi hallarda məhkəmə olmadan, günahı sübut olunmadan həbsi məsələsi üzə çıxır. Xüsusən təhsil almış, Azərbaycanın gələcəyi olan gənclərimizin hüquq-larının qorunmasına münasibətdə biz çox ehtiyatlı olmalı, onlara daha qayğı ilə yanaşmalıyıq. Son vaxtlar bir sıra məhkəmə prosesləri gedir. Küçələrdə bir də görürsünüz, bir uşağı saxlayırlar,  cibindən narkotik çıxır. Ömründə siqaret çəkməyən uşaq var, deyirlər, polis saxladı, cibindən filan qədər narkotik çıxdı. Görünür, bir narkotika 50 cibdən keçir. Belə münasibət olmaz ki. Bu bizim övladlarımızdır, bunları qorumaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Ay Sabir müəllim, elə dediniz ki, elə bil, o gəncləri Azərbaycan dövləti yetişdirmir, kənarda yetişirlər, gəlirlər bura. İndi yetişənlərin içində eləsi də olur, beləsi də olur.
Mən təklif edirəm ki, Bahar xanıma da söz verək və bununla bu məsələni yekunlaşdıraq. Buyurun, Bahar xanım.
B.Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən, əlbəttə, ölkəmizdə insan hüquqları və azadlıqlarının qorunması sahəsində problemlərin aradan qaldırılması istiqamətində son illərdə aparılan işlərin bir növ əksi olan bu hesabat barədə burada səslənən bütün müsbət fikirlərə qoşulur və hesab edirəm ki, müvəkkilin rəhbərliyi ilə görülən işləri, doğrudan da, qənaətbəxş hesab etmək olar. Bu institut insan haqlarının qorunması ilə bağlı öz üzərinə düşən vəzifəni bu sahədə Azərbaycan cəmiyyətinin qarşısında duran vəzifə ilə daha ciddi şəkildə uzlaşdıraraq müəyyən problemlərin üzərinə açıq şəkildə getmək və görülən işi konkret və müfəssəl qeyd etməkdə daha yeni formalara yiyələnməkdədir. Ona görə də mən hesab edirəm ki, bu qurumun işi kifayət qədər uğurludur və Azərbaycanda görülən işlər qədər uğurludur. Çünki Azərbaycanda insan hüquqlarının qorunması sahəsində uğurlu işlər olmasaydı, belə müsbət ruhlu hesabatın tərtib olunması da mümkün olmazdı.
Mən səslənən fikirləri təkrar etmədən, sadəcə, bu hesabatın son bölümü – “Nəticə və tövsiyələr” adlanan bölümünə diqqət yetirmək istərdim. Önəmli olan odur ki, burada təkcə nöqsanlar qeyd edilməmiş, həm də qanunvericilik və icra prosesində görüləcək işlər barədə tövsiyələr öz əksini tapmışdır. Hesab edirəm ki, bu həm bizim qanunvericilik sahəsində görəcəyimiz işləri müəyyən etməyimiz üçün çox əhəmiyyətlidir, həm də digər qurumlar özlərinə aid sahədə olan problemləri aradan qaldırmaq üçün yaxşı tövsiyələr və məsləhətlər almış olurlar.
Mənim burada diqqətimi çəkən bir məsələ də xüsusilə müvəqqəti saxlama yerlərində xidmət edən polis əmək-daşları sırasına qadınların cəlb edilməsi ilə bağlı tövsiyə oldu. Əlbəttə, polis orqanlarında son illərdə aparılan islahatlar, əldə olunan nailiyyətlər göz qabağındadır. Azər-baycan polisi, onun şəxsi heyəti həm qanunları mənim-səmək, həm də onların tətbiqi prosesində yeni modern üsullara yiyələnmək istiqamətində çox böyük uğurlar əldə edibdir. Hesab edirəm ki, müvəqqəti saxlama yerlərində qadın əməkdaşların işləməsinə, doğrudan da, ciddi ehtiyac vardır. Bu həm bu sistemdə gender bərabərliyinin qorunması işinə öz töhfəsini verə, həm də bir sıra problemləri aradan qaldırmaq üçün yeni bir yanaşma ortaya qoya bilər.
Sahibkarlar tərəfindən korporativ məsuliyyət məsələsinə diqqətin artırılması Milli Məclisin də diqqətində olan məsələdir. Dəfələrlə parlamentin üzvləri bu məsuliyyətin artırılmasının vacib olduğunu vurğulayıblar. Biz parla-mentdə bu mövzuda bir neçə dəfə dinləmələr də keçirmişik. Azərbaycanda həm maarifçiliklə, həm də bilavasitə bizneslə, kommersiya fəaliyyəti ilə məşğul olan qurumların nümayəndələri bu müzakirələrdə iştirak ediblər və qanunvericilik istiqamətdə bəzi dəyişikliklərin edilməsinin vacib olduğunu vurğulayıblar.
Mən də bu gün burada səslənən fikirləri təhlil edərək bu qənaətə gəlirəm ki, doğrudan da, bu korporativ məsuliyyəti artırmaq, daha geniş sayda insanları, biznes qurumlarını buraya cəlb etmək üçün biz müəyyən qanunları qəbul etməli və bəzi qanunlarda müvafiq dəyişikliklər etməliyik. Məsələn, xeyriyyəçilik fəaliyyəti haqqında qanunun qəbul olunması haqqında təklif burada bir neçə dəfə səslənib.
Xəstə gənclərin, xəstə uşaqların və müəyyən kateqori-yadan olan insanların müalicəsi üçün cəmiyyətin imkanlarını səfərbər etmək təkliflərini verənlər müəyyən fondların yaradılmasını təklif edirlər. Mən  hesab edirəm ki, xeyriyyəçilik fəaliyyəti haqqında qanun elə bu fondların yaranmasına stimul verə biləcək bir qanun ola bilər. Sahibkar kiminsə müalicəsi, kiminsə təhsili üçün hansısa fonda vəsait ayırdığı təqdirdə həmin vəsait məbləğində onun vergi yükünü azaltmaqla bu prosesi stimullaşdıra bilərik. Ona görə mən bu təklifə qoşuluram və hesab edirəm ki, biz yaxın zamanda bu məsələni müzakirə edib Milli Məclisin bu müzakirələrdə gəldiyi qənaətləri qanun şəklində qəbul edə bilərik.
Hərbi idarəetmə qurumlarında, hərbi hissələrdə, xüsusilə cəbhə bölgələrinə, təmas xəttinə yaxın yerlərdə yerləşən hərbi hissələrdə psixoloq ştatının açılmasına ehtiyac olduğunu mən də vurğulayıram və hesab edirəm, bunun üçün qanunvericilikdə lazımi dəyişikliklərin edilməsinə və icra prosesində müəyyən addımların atılmasına ehtiyac vardır.
Elmira xanımı mən bu məsələdə də dəstəkləyirəm ki, biz qocalar evinə verilmiş ahıl vətəndaşların övladlarının ictimaiyyət tərəfindən qınanması, düzgün yola gətirilməsi, lazım gələrsə cəzalandırılması üçün onların hüquqi və maddi məsuliyyətini müəyyən eləyən qanunu qəbul etməliyik. Necə olur ki, biz öz uşağını atan, ailəsini atan atanın üzərinə aliment yükü qoyuruq, amma öz valideynini atan imkanlı şəxslərə münasibətdə hansısa hüquqi məsuliyyətlər müəyyənləşdirmirik? Mən hesab edirəm ki, hər bir şəxsin öz valideyni qarşısında müəyyən maddi və mənəvi öhdəlikləri var. O bunu yerinə yetirmirsə, biz onu məcbur etməliyik. Onun bu məsuliyyətini müəyyən etməli və bu məsuliyyət yükünü onun üzərinə qoymalıyıq. Ona görə də mən hesab edirəm ki, bu istiqamətdə də qanunvericilikdə müəyyən dəyişiklik etməyə ehtiyac var. Bütövlükdə mən bu tövsiyələrin hamısını səmərəli və faydalı hesab edirəm və yaxın illərdə onların bir çoxunun həyata vəsiqə alacağına böyük inamım var.
Burada müəyyən beynəlxalq qurumların Azərbaycanda insan haqlarının vəziyyəti barədə hesabatları ilə bağlı bir neçə fikir səsləndi. Xüsusilə Sabir müəllim öz çıxışında bu məsələni önə çəkdi. Mən ona münasibət bildirmək istəyirəm. Sabir müəllim sual verdi ki, nə vaxt olub, biz bu hesabatları tərtib edən beynəlxalq təşkilatlara cavab vermişik. Sabir müəllim, mən Sizin bu sualınıza cavab vermək istəyirəm. Elə bilirəm, Sizə məlumdur ki, həmin beynəlxalq təşkilatlar bu və ya digər ölkədə insan haqlarının vəziyyətinə dair hesabatlar tərtib edərkən beynəlxalq qeyri-hökumət təşkilatlarının hesabatlarına istinad edir və sonuncular da öz növbəsində hansı ölkə haqqında  hesabat tərtib edirlərsə, o ölkədəki qeyri-hökumət təşkilatlarına istinad etdiklərini vurğulayırlar. Elə çıxır ki, Azərbaycandakı vəziyyətə dair o hesabatların tərtib olunmasında Azərbaycandakı QHT-lərin, ictimai qurumların, siyasi partiyaların, özünü müxalifət hesab edən qurumların mövqeləri əsas rol oynayır. Dolayısı ilə gedib Avropanı fırlanır və qayıdır bizim özümüzə gəlir.
Bəli, Siz doğru buyurursunuz, bunlara cavab vermək lazımdır. Azərbaycan hökuməti, Azərbaycanın parlament qrupları bu hesabatlardakı ədalətsizliklərə cavab verirlər. Beynəlxalq təşkilatların işində iştirak edən millət vəkil-lərimiz təsdiq edərlər ki, biz bu hesabatların düzgünlüyünü və Azərbaycanda insan haqlarının pozulduğunu sübut etməyə çalışan şəxslərin çıxışlarına bənd-bənd cavab veririk və bu da müvafiq sənədlərdə əksini tapır. Məsələn, 2013-cü ilin əvvəlində Avropa Şurası Parlament Assambleyasında Ştrasserin təqdim etdiyi hesabatın qəbul olunmaması bizim belə bir işimizin nəticəsi idi.
Biz cavablarımızı vermişik. Amma mən bir dəfə görməmişəm ki, Azərbaycandakı qeyri-hökumət təşkilatları, siyasi partiyalar, o cümlədən konstruktiv mövqeli siyasi partiyalar belə hesabatlara cavab versin. Mən çox istərdim ki, Sabir müəllim, Siz də bizim milli maraqlarımıza, Azərbaycan dövlətinin maraqlarına, cəmiyyətimizi irəliyə aparan proseslərə maneə törədən bu kimi məsələlərə dediyiniz qaydada cavab verəydiniz. Onda yalnız qeyri-hökumət təşkilatlarının hesabatlarına istinad edənlər və Azərbaycan dövlətinin təqdim etdiyi hesabatları qulaqardına vuranlar Azərbaycanın özündən gələn və siyasi ambisiyaları olan, siyasi maraqları olan qrupların da mövqelərini alardılar və müəyyən obyektiv bir mövqe sərgiləməyə məcbur olardılar. Ona görə də bu məsələdə mən Sizi dəstəkləyir və həmin qrupları bu hesabatlara öz cavablarını verməyə çağırıram.
Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Burada belə bir çağırış səsləndi ki, kim isə məhkəmə hökmü olmadan, günahı sübut olunmadan günahkar adlandırılmasın. Amma məhkəmə hökmü olmadan, günahsızlığı sübut olunmadan kimi isə günahsız adlandırıb azadlığa buraxılmasını tələb etmək özü də absurddur. Ona görə mən hesab edirəm ki, bu kimi çağırışlar etmək lazım deyil.
Azərbaycandakı ombudsman institutunun, insan hüquq-ları üzrə müvəkkilin məsələlərə balanslı yanaşması, həm nöqsanları, həm də görülən işləri olduğu kimi təqdim etməsi bizim hər birimizi bu cür yanaşmalar ortaya qoymağa sövq edir.
Elmira xanım, mən Sizi təbrik edirəm. Hesab edirəm ki, bu hesabatı qəbul etmək və işi qənaətbəxş hesab etmək olar. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, İnsan hüquqları üzrə müvəkkilin məruzəsinə münasibət bildirək. Buyurun.

Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.  Fasilə elan edilir.

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi. “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında” Sazişin təsdiq edilməsi barədə. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında iqtisadi, siyasi, elmi, texniki sahədə əməkdaşlıq ildən-ilə genişlənir. Təqdim edilən saziş bu iki dövlət arasında beynəlxalq avtomobil əlaqələrinin daha da tənzimlənməsinə xidmət edir. Sazişdə müəyyən edilir ki, razılığa gələn tərəflər arasında avtomobil nəqliyyatı vasitəsilə həyata keçirilən beynəlxalq sərnişin və yük daşımaları bundan sonra daha geniş vüsət alacaqdır. Sazişdə beynəlxalq standartlara uyğun olaraq istifadə edilən anlayışların izahı verilmiş, “Sərnişinlərin daşınması”, “Yüklərin daşınması”, “Ümumi müddəalar” və “Yekun müddəalar” adlı bölmələrdə toplanan 16 maddə öz əksini tapmışdır.
Qanun layihəsi bizim İqtisadi siyasət komitəsində müzakirə olunub. Millət vəkillərindən xahiş edərdim ki, məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan–Polşa münasibətləri qədim tarixə malik olan iki xalq, iki dost dövlət münasibətləridir. Bu saziş, əslində, Azərbaycanla Avropa Birliyi ölkəsi və həmçinin Şərq tərəfdaşlığı layihəsinin təşəbbüskarı olan Polşa arasında iqtisadi sahədə əməkdaşlığı gücləndirir. Düşünürəm ki, Azərbaycanla Polşa arasında aviasiya sahəsində də müvafiq sazişimiz olmalıdır ki, biz Azərbaycanın inkişaf edən turizm sahəsinə Avropadan daha çox turistləri dəvət edə bilək. Ölkələrimiz arasında bu nəqliyyat sistemlərinin genişlənməsi Azərbaycan iqtisadiyyatının daha çox şaxələnməsinə xidmət edəcək, Azərbaycanın qeyri-neft sektorunun inkişafına dəstək verəcək. Onun üçün hörmətli millət vəkillərini bu sazişi təsdiq eləməyə dəvət edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.07 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Ticarət Gəmiçiliyi Məcəlləsində dəyişiklik edilməsi haqqında. Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təklif edilən dəyişiklik ondan ibarətdir ki, Ticarət Gəmiçiliyi Məcəlləsinin 6–1.1.2-ci maddəsində “bayrağı” sözü “Dövlət bayrağı” sözləri ilə əvəz edilir. Millət vəkillərindən bu məsələyə münasibət bildirməyi xahiş edirəm.
Sədrlik edən. Texniki dəyişiklikdir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.08 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi. Əli Hüseynli buyursun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. İnzibati Xətalar Məcəlləsinə təklif olunan əlavələr və dəyişikliklər kiçik olsa da, əhəmiyyətlidir. Birincisi, qeyd etmək istəyirəm ki, qanuna 155.2-3-cü maddə əlavə olunur.  Bu maddədə deyilir: “Xarici işıq cihazları və ya qabaq  şüşənin şüşə silgəcləri və şüşəyuyanları və ya təkərləri və şinləri və ya mühərriyi, yaxud konstruksiyasının digər ünsürləri nasaz olan və belə nasazlığın aradan qaldırılması mümkün olmayan nəqliyyat vasitəsinin istismarına görə 50 manat miqdarında cərimə edilir.
Amma bundan daha vacib olan bir məsələ də var. Bilirsiniz ki, indi avtomobil yollarında kameralar quraş-dırılıb və burada yol verilən inzibati pozuntulara artıq elektron formada nəzarət eləmək mümkündür. Təklif olunan dəyişikliklər həm də videoqeydiyyat funksiyalarına malik olan xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati pozuntulara görə inzibati xəta haqqında protokolun həmin xətanı törətmiş şəxsin iştirakı olmadan tərtib edilməsində yeni qaydaları müəyyən edir. Bu Məcəllənin müvafiq maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat finksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə həmin texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə ötürülür.
Eyni zamanda, yol hərəkətinin təhlükəsizliyinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanlarının sui-istifadə hallarına yol verməsinə görə də məsuliyyət nəzərdə tutulur. Əslində, İnzibati Xətalar Məcəlləsinə təklif olunan bu dəyişikliklər də həmin sui-istifadələrin qarşısının alınmasına yönəlmişdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Aqil Abbas.
A.Abbas. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim çıxışım yoxdur, bir xırda iradım var. Möhtərəm Prezidentimiz dövlət dili ilə bağlı böyük bir sərəncam imzalayıb və külli miqdarda da pul ayırıb. İradım nədir? Azərbaycan dilində “əyləc” sözü var, burada isə “tormoz” sözü işlədilib. Mən o sözün “əyləc” sözü ilə əvəz olunmasını arzu edərdim. Təşəkkür edirəm.
Sədrlik edən. Çox düzgün iraddır, Əli müəllim. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörmətli cənab Sədr. Mənim də bu düzəlişlərlə bağlı ilk təklifim dil məsələsi ilə bağlı olacaq. Burada “kor piyadalar” ifadəsi işlədilir. Bu ifadəni “görmə qabiliyyətini itirmiş piyadalar” sözləri ilə əvəz etsək, daha yaxşı olar. Çünki bu halda artıq o cür insanlar üçün təhqiramiz təsir bağışlayan ifadə işlədilməz. Yaxşı olar ki, qanunvericilik aktında da bu “kor piyadalar” sözləri “görmə qabiliyyətini itirmiş piyadalar” sözləri ilə əvəz olunsun.
Bir məsələ də var. Düzdür, burada daha çox nəqliyyat vasitələrindən söhbət gedir. Amma eyni zamanda, sürücülərin hərəkətləri ilə bağlı nəzərdə tutulan cəza mexanizmləri də var. Bundan istifadə edərək mən bir məsələni demək istəyirəm. Biz, demək olar, addımbaşı şəhərdə görürük ki, sürücülər əllərinə nə gəlir, maşının pəncərəsindən çölə atırlar.
Mənim yadıma gəlir, Avroviziya yarışması qabağı şəhərdə bir taksi gördüm. Məndən qabaqda gedirdi, arxasında da Azərbaycanın bayrağı vurulmuşdu. Çox gözəl görünürdü. Amma bir azdan gördüm ki, həmin taksinin sürücüsü pəncərəni açdı və siqaret qutusunu küçənin ortasına tulladı. Biz işıqforda dayananda mən pəncərəni açdım, yavaşca ona dedim ki, yaxşı olardı, siz maşınınızdan Azərbaycanın bayrağını yox, Ermənistanın bayrağını asaydınız. Bu söz onun üçün çox qeyri-adi səsləndi.
Bilirsiniz, mənə elə gəlir ki, vətənpərvərlik özü bir səviyyəlilikdir və bu, davranış qaydasında da özünü göstərməlidir. İnsan küçəni zibilləyirsə, təkcə küçəni zibilləmir və təkcə fərd olaraq öz imicini zibilləmir, həm də əcnəbilərin gözündə təmsil etdiyi ölkənin, xalqın imicini zibilləyir. Bu baxımdan mən fikirləşirəm ki, İnzibati Xətalar Məcəlləsində sürücülərin küçələri bu cür zibilləməsi ilə də bağlı cərimə kəsilməsi məsələsi də öz əksini tapsaydı pis olmazdı. Təşəkkür edirəm.
Sədrlik edən. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. İnzibati Xətalar Məcəlləsində dəyişikliklərə mən, əlbəttə, səs verəcəyəm. Amma deputat həmkarlarımın dedikləri ilə mən də razıyam. Bu gün Avropa şəhərlərinin küçələrində təmizliyi görəndə fikirləşirik ki, yəqin bu Avropa ölkəsində yaşayan insanlar bizdən mədənidirlər. Əslində, elə deyil, yeri gəlsə, bizim mədəniyyətimiz daha yüksəkdir. Sadəcə olaraq, onlarda cərimələr o qədər yüksəkdir ki, onlar o cərimələrdən qorxurlar. O cəriməyə görə onlar küçələrinə heç nə atmırlar. Bizdə isə küçəyə siqaret kötüyü, siqaret qutusu, salfet kağızı, daha nələr, nələr atırlar. Sadalamaqla qurtaran deyil. Hamımız sükan arxasında yollarda olan insanlarıq. Bunlara hər gün şahid oluruq. Mən hesab edirəm ki, bunları nəzərə almaq, küçələri, yolları zibilləməyə görə cərimələr təyin etmək lazımdır. Bu gün bizim şəhərimizin küçələrinə zibilin böyük hissəsi sürülən avtomobillərdən atılır. Bax belə hərəkətlərə görə yüksək cərimələr qoymaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Sonuncu məsələ. Akkreditasiya haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. İkinci oxunuşdur. Hörmətli millət vəkilləri, ikinci oxunuş olduğu üçün, xahiş edirəm, qanun layihəsini ikinci oxunuşda əsas kimi qəbul edək. Kim əsas kimi qəbul edilməsinə razıdırsa, xahiş edirəm, münasibət bildirsin.

Səsvermənin nəticələri (saat 16.17dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Buyursun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq birinci oxunuşda qeyd etdiyim kimi, qanunun vacibliyi onunla əlaqədardır ki, hazırda Azərbaycan iqtisadiyyatı öz inkişafının yeni bir mərhələsinə qədəm qoymuşdur və bu mərhələdə Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya olunması prosesinin səmərəliliyinin daha da artırılması məsələsi gündəmdə durur. Bunu təmin edən amillərdən biri də uyğunluğun qiymətləndirilməsi sahəsində müstəqil akkreditasiya orqanlarının yaradılmasıdır.
Hazırda Azərbaycanda standartlaşdırma sahəsində cənab Prezidentin müəyyən etdiyi istiqamətlər üzrə çox böyük işlər görülür. Ölkəmizə daxil olan malların keyfiyyətinin yüksəlməsi, onların beynəlxalq standartlara cavab verməsi ilə əlaqədar olaraq müvafiq konkret tədbirlər həyata keçirilir. Belə bir sistemin yaradılması və təkmilləşdirilməsi məhsulların keyfiyyətinin, rəqabət qabiliyyətinin artırılmasına, mənşəyi məlum olmayan saxtalaşdırılmış məhsulların bazara daxil olmasının qarşısının alınmasına, akkreditasiya edilmiş laboratoriyalar tərəfindən aparılan sınaqların nəticələrinin xarici ölkələrdə tanınmasına, ticarətdə texniki maneələrin götürülməsinə xidmət edir.
Qanunun birinci oxunuşu zamanı Milli Məclisin üzvləri tərəfindən edilmiş qeydlər, təkliflər nəzərdən keçirilmişdir. Dəyişikliklər, əsasən, redaktə xarakterli olmuşdur. Şöbə, eləcə də komitənin üzvləri bu istiqamətdə başqa ölkələrin təcrübəsinə də müraciət etmişlər. Qanunvericilik texnikası və dil üslubu baxımından layihə üzərində iş davam edir. Biz artıq bir neçə düzəliş etmişik. Yəqin ki, bugünkü iclasda da əlavə təkliflər olacaqdır. Komitənin nəzdində yaradılmış işçi qrupu və Milli Məclis Aparatının İqtisadiyyat şöbəsi layihə üzərində fəal işləyir. Layihədə bir sıra texniki xarakterli, həmçinin  mahiyyət üzrə dəyişikliklər edilmişdir.
Deputatlar tərəfindən verilən təkliflər və tutulan iradlar layihədə əsasən nəzərə alınmışdır. İlk növbədə qeyd edil-mişdi ki, preambula çox geniş verilmiş və burada qanun-vericilik texnikası baxımından verilməsinə ehtiyac olmayan açıqlamalar öz əksini tapmışdır. Ona görə preambula sadələşdirilmiş və daha anlayışlı şəkildə verilmişdir.
Həmçinin nəzərə alınmışdır ki, 13 maddədən ibarət qanun layihəsində 22 anlayışın verilməsi və həmin anlayışların bir çoxunun mətndə heç istifadə olunmaması məqsədəmüvafiq deyil. Bu baxımdan 8 anlayış qanun  layihəsindən çıxarılmış, bəzi anlayışlar isə yeni redaksiyada verilmişdir.
Başqa bir məqam. Həm uyğunluğu qiymətləndirən, həm də onu təsdiq edən şəxsin qanunda orqan kimi verilməsi anlaşılmazlıq yaradırdı. Bu anlaşılmazlığın aradan qaldırıl-ması məqsədi ilə layihədə “uyğunluğun qiymətləndirilməsi orqanı” sözləri “uyğunluğun qiymətləndirilməsi fəaliyyəti ilə məşğul olan şəxs” sözləri ilə əvəz edilmişdir.
Bundan başqa, 13 maddədən 8-də texniki xarakterli dəyişikliklər və dil üslubu baxımından müəyyən dəyişikliklər edilmişdir.
Qanun layihəsi üçüncü oxunuşa buraxılması üçün hazırdır. Məlumat üçün qeyd edim ki, hazırda işçi qrupu Dövlət Standartlaşdırma və Metrologiya Komitəsinin əməkdaşları ilə birlikdə qanun layihəsinin daha da təkmil olması istiqamətində iş aparır. Millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə üçüncü oxunuş üçün səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, bu qanun üzərində çox işlənildi. Buyursun Arif Əşrəfov.
A.Əşrəfov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Diqqətinizə təqdim olunmuş Akkreditasiya haq-qında Azərbaycan Respublikası qanununun layihəsi bu sahədə dövlət siyasətini həyata keçirən mərkəzi icra ha-kimiyyəti orqanının fəaliyyətinin və eyni zamanda, iqtisadiyyatımızın tənzimlənməsində çox mühüm əhəmiyyət kəsb edir.
Akkreditasiya haqqında qanunun məqsədi Azərbaycan Respublikasında akkreditasiya sistemini formalaşdırmaq və fəaliyyət qaydalarını təkmilləşdirmək, eləcə də ölkəmizdə akkreditə edilmiş uyğunluğun qiymətləndirilməsi orqanları  tərəfindən verilən sertifikat, sınaq və ekspertiza sənədlərinin qiymətləndirilməsini təmin etmək, ticarətdə texniki maneələri akkreditasiya vasitəsi ilə mümkün dərəcədə aradan qaldırmaq üçün Azərbaycan Respublikasının akkreditasiya sistemini beynəlxalq akkreditasiya sisteminə uyğunlaşdırmaqdır.
Qanun layihəsi Azərbaycan Respublikasında akkredita-siya sisteminin əsas prinsiplərini, uyğunluğun qiymətlən-dirilməsi təşkilatlarının və akkreditasiya sistemini idarə edən milli akkreditasiya orqanının iş prinsiplərini, akkreditasiya prosedurlarını, akkreditasiya sahəsində beynəlxalq əməkdaşlığın qaydalarını müəyyən edir.
Ümumdünya Ticarət Təşkilatının və treninq layihəsinin ekspertləri  ölkəmizdə akkreditasiya sisteminin beynəlxalq tələblərə  uyğunlaşdırılmasını tövsiyə edirlər. Çünki bu hal-da qanunvericilik aktı imkan verəcək ki, Azərbaycan beynəlxalq qurumlarda təmsil olunsun, ölkəmizdə uyğunluğun qiymətləndirilməsinə dair verilmiş sənədlər beynəlxalq qurumlar tərəfindən tanınsın. Bu da bizim sahibkarlıq subyektlərinin, xüsusən istehsal və emal müəssisələrinin ixraca göndərdikləri məhsulların təkrar sertifikatlaşmadan keçmədən ixracına imkan yaradacaqdır.
Mən bu qanunvericilik aktına səs verəcəyəm. Həmkar-larımdan da xahiş edərdim ki, bu qanunun qəbul olunmasına səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Qanun layihəsinin əhəmiyyətindən danışmaq, yəqin, artıq olar, çünki birinci oxunuşda onun nə qədər önəmli olduğunu biz artıq təsdiq elədik.
Kiçik təkliflər söyləmək istəyirəm. Qanun layihəsinin 1.0.6 və 1.0.8-ci maddələrində “mal, iş” sözlərindən sonra mötərizədə “xidmət” sözü yazılıb. “İş” sözündən sonra mötərizədə “xidmət” sözü yazılırsa, bu, işlə xidmətin eyniliyini göstərir. Ondan sonra 1.0.9-da  oxuyuram: “mal, iş, xidmətin və ya prosesin”. Yəqin 1.0.9-da daha dəqiq yazılıb. Amma burada “və ya” bağlayıcısı “və” bağlayıcısı ilə əvəz edilsəydi, məncə, daha düzgün olardı. 2.2-də də yazılıb: “mal, iş, xidmət və proses”. Ona görə mən fikirləşirəm ki, bunları düzəltmək olardı.
İkincisi, 1.0.12-də “idarəetmə sistemi” anlayışının çox təəccübləndirici bir izahı verilib: “Konkret məqsədə çatmaq üçün istifadə olunan prosedur və proseslərin məcmusu”. İdarəetmə anlayışına heç bir aidiyyəti olmayan bir izahdır. İdarəetmə həmişə qərar verməklə, qərar qəbul etməklə bağlıdır. Məqsəd budur. Bunun üçün ətraf mühit haqqında, texnoloji proses haqqında, nə haqqında istəyirsən, məlumat yığmaq olar, bunları təhlil etmək olar, ancaq idarəetmə qərar verməkdir. İdarəetmə sistemi konkret məqsədə çatmaq üçün istifadə  olunan prosedur və proseslər deyil. Onda poladtökmə də idarəetmədir, mismar vurma da idarəetmədir? Yox. Xahiş edirəm, bunlara diqqət yetirəsiniz.
Həmin maddənin ikinci cümləsində yazılıb: “bu qanuna görə idarəetmə sistemi keyfiyyətin, ətraf mühitin, neft-qaz və energetika sahəsinin...”. Burada “neft-qaz və energetika” yazırıqsa, onda gərək maşınqayırma, kənd təsərrüfatı və sair sahələri də yazaq. Bu maddədə hansısa bir sahəni ayrılıqda göstərməyə nə ehtiyac var ki? 1.0.12-də “idarəetmə sistemi” anlayışının  sonunda yazılır: “informasiya təhlükəsizliyinin və sosial məsuliyyətin idarəetmə sistemlərini əhatə edir”. Deməli, idarəetmə sistemi idarəetmə sistemlərini əhatə edir. Bu tavtologiyadır.
Bundan başqa, əgər “Əsas anlayışlar” maddəsi varsa, yəqin ki, 5.3-də verilmiş “şəxs” anlayışının kimə aid olmasını “Əsas anlayışlar” maddəsində göstərmək lazımdır.
Bir qeydim də var. Təəssüflər olsun ki, mən bu sözləri təkrarən deyirəm. Artıq özüm utanıram. Burada göstərilib ki, 10 gündən çox olmayan müddətə araşdırır və bu qanunun nəyinəsə uyğun olaraq nə isə eləyir. Hansı 10 günə? Deyək ki, bu ilin 19 martında kimsə kiməsə müraciət eləyib. Ayın 29-dur, gəlib dirənib ki, 10 gün keçib, sənədimi təqdim elə. Necə təqdim eləsin? Yeddi bayram gününü çıxanda üç iş günü qalır. Onun da birinci iş günündə müraciət eləyib, iki iş günü qalıb. Hansı 10 gündən söhbət gedir – təqvim on günündən, iş on günündən?  Bundan sonrakı maddələrdə də çox yerdə müddətlər bu qaydada göstərilib. 6.3-də oxuyuruq: “Akkreditasiya attestatı verildiyi tarixdən 4 il müddətində etibarlıdır”. Hansı 4 il, hansı müddətdən başlayan 4 ildən söhbət gedir? Deyək ki, akkreditasiya attestatı, məsələn, 26 martda verilib, bu tarixdən başlayaraq 4 il, yoxsa 2014, 2015, 2016, 2017? Arada 3 ay fərq alınır. Bu da çox böyük bir müddətdir. Bunlara dəqiqlik gətirmək lazımdır. Bu dəqiqliklər gətiriləndən sonra, yəqin ki, üçüncü oxunuşa qəbul etmək üçün hazır olan bir qanun olacaqdır.
Həmişəki kimi, bəzi terminlərə iradım var. Tək bu qanunda yox, başqa qanunlarda da xarici dillərdən alınma ter-minlərin Azərbaycan dilində qarşılıqları ola-ola onlardan istifadə etmirik. Bayaq gördünüz, “tormoz” kimi terminlərdən istifadə olunur. Amma yəqin ki, vaxtı gələndə onları Azərbaycan dilinə çevirərik.
Çox sağ olun. İkinci oxunuşa qəbul etmək lazımdır. Səs verək.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, belə bir qanunun qəbul edilməsinə ehtiyac var. Amma mən də Valeh müəllimin dediyi fikirlərə qoşularaq burada bəzi məsələlərə aydınlıq gətirilməsini istərdim. Ümumiyyətlə, Akkreditasiya haqqında qanun dedikdə belə  anlaşılır ki, o, Azərbaycan Respublikasında  akkreditasiya fəaliyyətinə aid olan bütün məsələlərin həllinə yönəlmiş qanunvericilik bazası kimi çıxış edəcəkdir. Halbuki bu qanun, əsasən, bəzi istehsal sahələrindəki ölçmələrlə, qiymətləndirmə ilə bağlı olan məsələlərin tənzimlənməsinə yönəlib. Təhsil qanu-nunda biz təhsil müəssisələrinin akkreditasiyasını nəzərdə tutmuşuq. Bu qanun ona şamil olunacaq, yoxsa olunma-yacaq, jurnalistlərin akkreditasiya olunmasına şamil olun-acaq, olunmayacaq? Digər sahələrdə də akkreditasiya məsələləri var.
Preambulada yazılıb ki, bu qanun akkreditasiya sahəsində fəaliyyət göstərən şəxslər arasında yaranan münasibətlərin dövlət tənzimlənməsinin və bu sahədə beynəlxalq əməkdaşlığın əsaslarını müəyyən edir. Həmin cümlədə “şəxslər” dedikdə kim nəzərdə tutulur? Burada hüquqi şəxslərdən, yoxsa vətəndaşlardan, fərdlərdən söhbət gedir?
“Akkreditasiya”  anlayışının özünün də 1.0.1-də  verilən tərifindən belə anlaşılır ki, akkreditasiya şəxsin müəyyənləşdirilmiş meyarlara və tələblərə cavab verməsinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiqlənməsidir. Burada şəxs dedikdə kimdən söhbət gedir, bu şəxs kimdir? Yəqin ki, təcrübə öyrəniləndə müəyyən dillərdəki qanunlardan istifadə olunub və bu cümlə də haradansa götürülüb buraya köçürülübdür.
2-ci maddədə qanunun şamil edildiyi şəxslər sadalanır və buradan məlum olur ki, sınaq laboratoriyası şəxsdir, kalibrləmə laboratoriyası şəxsdir, inspeksiya orqanları şəxsdir və sairə. Həmin maddənin 1-ci hissəsində də redaksiya xarakterli düzəlişlərə ehtiyac var. Mən düşünürəm ki, orada texniki səhvlər də gedib. Bunlar düzəldilməlidir. Burada aydınlıq gətirilməlidir ki, bu qanunun fəaliyyət dairəsi kimlərə və hansı sahəyə aid olacaq. Anlayışlar da buna uyğun olaraq dəqiqləşdirilməlidir. Çünki ikinci oxunuşda mahiyyət üzrə qeydlər gedir, konseptual olaraq yox.
Arzu edərdim ki, komitə və işçi qrup bu məsələlərə aydınlıq gətirsin və üçüncü oxunuşda bu suallar meydana çıxmasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, Oqtay müəllim. Bu gün akkreditasiya ilə bağlı belə bir məfhum da var – akkreditasiya olunmuş ailələr. Bu, inkişaf etmiş ölkələrdə daha çox istifadə olunan bir məfhumdur. Avropada, Ameri-ka Birləşmiş Ştatlarında, məsələn, müxtəlif mübadilə proqramları çərçivəsində başqa-başqa ölkələrdən, eləcə də Azərbaycandan gələn tələbələr, gənclər akkreditasiya olunmuş ailələrdə yerləşdirilirlər. Bu həm də mədəniy-yətlərin mübadiləsində böyük rol oynayır.
Bu gün Azərbaycan da inkişaf etmiş ölkələr kimi müxtəlif mötəbər tədbirlərə ev sahibliyi edir. Azərbaycanda çox böyük humanitar tədbirlər həyata keçirilir. Bu tədbirlər və eləcə də müxtəlif proqramlar çərçivəsində Azərbaycana Avropadan, Baltikyanı ölkələrdən, hətta Amerikadan, İngiltərədən gənclər gəlirlər. Ona görə Azərbaycanda da ailələrin akkreditə olunması zərurəti meydana çıxıb. Bu, həm də turizmin inkişafında çox böyük rolu olan bir məsələdir. Bu qanunda akkreditə olunmuş ailələr də öz əksini tapa bilərmi? Mən buna aydınlıq gətirilməsini istərdim. Çox təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Görürəm, suallar yaranır. Ziyad müəllim, birinci oxunuşda həm işçi qrupu, həm də Siz layihədə çox dəyişikliklər elədiniz. Amma görürsünüz, yeni suallar çıxır. Mən hesab edirəm ki, bunu əsas kimi qəbul eləmək olar. Bir şeylə tam razıyam ki, qanunun adı ünvanlı olmalıdır.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Misallar çəkdilər. Aydın olsaydı, indi Məlahət xanımda belə sual yaranmazdı. Buna bir də baxmaq lazımdır. Akkreditasiya geniş məfhumdur, yüz dənə akkreditasiya var.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Suallara cavab vermək istəyirsiniz? Buyurun. Ziyad müəllimə mikrofon verin.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Valeh müəllimə, bu müzakirələrdə çıxış edən bütün millət vəkillərinə təşəkkür edirəm ki, konkret təkliflərlə çıxış etdilər. Bunların hamısı nəzərə alınacaq. Amma cənab Prezident tərəfindən gələn bu qanun layihəsinin adı, demək olar ki, dünyanın bütün ölkələrində “Akkreditasiya haqqında” Qanun kimi gedir və bu qanunun içərisində onun şamil edildiyi istiqamətlər də var. Mən razıyam ki, layihədə və preambulada biz bu məsələləri əlavə etsək, bu qanunla bağlı meydana çıxan suallar da aradan qaldırıla bilər. Əmin ola bilərsiniz ki, qısa zaman kəsiyində bu təkliflərin hamısı nəzərə alınacaq, bir-bir millət vəkillərinə müraciət edilərək onların rəyi bir daha soruşulacaq və layihə ondan sonra üçüncü oxunuşa çıxarılacaq. Təşəkkür edirəm.
Sədrlik edən. İkinci oxunuşdur. Etiraz etmirsinizsə, bunu səsə qoyaq. Qanun layihəsi dörd fəsildən ibarətdir. Fəsilləri iki-iki səsə qoyaq.  Birinci iki fəslə, xahiş edirəm, münasibət bildirək.


Səsvermənin nəticələri (saat 16.37 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun. Üçüncü-dördüncü fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun. Nəhayət, qanun layihəsinin ikinci oxunuşda qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.38 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, ayın 14-də hökumətin hesabatıdır. Hesabat hamıya paylanıb. 14-də görüşərik. Sağ olun.


EDİLMƏMİŞ
ÇIXIŞIN MƏTNİ

4 mart 2014-cü il
___________

Sədaqət Vəliyeva. Ombudsmanın builki hesabatını qənaətbəxş hesab edirəm və yüksək dəyərləndirirəm. Çünki Azərbaycanda insan hüquqlarının təminatında və qorunmasında müstəsna rol oynayan ombudsman təsisatı bu sahədə ola biləcək neqativ halları, həqiqətən, tez bir zamanda aradan qaldıran, problemlərə operativ və obyektiv reaksiya verən orqana çevrilib. Eyni zamanda, Azərbaycan döv-lətinin, xüsusilə də Prezident İlham Əliyevin insan hüquqları sahəsinə xüsusi diqqət ayırması da sözügedən sektorda uğurların əldə olunmasına səbəb olub. Elə bu səbəbdəndir ki, ombudsmana edilən müraciətlərin, şikayətlərin sayı ildən-ilə azalır.
Amma çox təəssüflər olsun ki, bu gün bəzi dairələr insan hüquqlarını siyasi təzyiq alətinə çevirib və tez-tez mani-pulyasiya vasitəsi kimi ondan istifadə edir. Azərbaycanda qarışıqlığın yaradılmasında maraqlı olan qüvvələr də fəallıqlarını artırmaqdadır. Bəziləri müəyyən siyasi-dini qruplaşmaların təsiri altında dövlətçiliyimizə qarşı çıxır, digərləri isə okeanın o tayına donoslar ötürməklə, saxta hesabatlar vasitəsilə ölkəmizin imicinə xələl gətirməyə cəhd göstərirlər. Elə son günlər ərzində Azərbaycan ictimaiyyəti tərəfindən kəskin tənqid edilən və qəbul edilməyən hesabat da buna bir nümunədir.
Bu gün bir sıra xarici qüvvələr daim insan hüquqlarından siyasi alət kimi istifadə etməklə həm Azərbaycanın demokratik imicinə kölgə salmaq istəyir, həm də müəyyən maraqlarını reallaşdırmaq üçün ona təzyiqlər edir, amma bütün dünyaya bəyan edirlər ki, onlar planetin ən demokratik ölkələridirlər, obyektivdirlər. Əgər belədirsə, onlar nə üçün 1 milyonadək qaçqın və məcburi köçkünün hüquqlarını müdafiə etmir, Ermənistan tərəfindən Azərbaycan torpaqlarının işğalının qarşısını almır, Ermənistandakı ağır vəziyyəti gözardı edərək Azərbaycanı hədəfə alırlar?
Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın güc-lənməsi və qüdrətlənməsi dünyada bəzi qüvvələri narahat edir. Ona görə də saxta hesabatlar vasitəsilə Azərbaycanın beynəlxalq imicinə zərbə vurmağa çalışırlar. Amma düşünürəm ki, bütün bunlar boş cəhdlərdir. Çünki Azər-baycanda möhkəm xalq – iqtidar birliyi mövcuddur, legitim siyasi hakimiyyət və hər bir azərbaycanlının inandığı, güvəndiyi lider var. Bu səbəbdən də, antimilli ünsürlərin dövlətçiliyimizə qarşı çevrilmiş bütün cəhdləri boşa çıxacaq və sabit inkişafımız davamlı olacaqdır. 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi