2014-ci il 14 mart tarixli iclasın stenoqramı

DÖRDÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
XI  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 85

Milli Məclisin iclas salonu.
14 mart 2014-cü il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 109
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Rüfət Aslanlı, Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri. 
Kərəm Həsənov, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Elşad İskəndərov, Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Kamran İmanov, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin sədri səlahiyyətlərini icra edən.
Etibar Pirverdiyev,  “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Qorxmaz Hüseynov, “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Qüdrət Qurbanov, Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının   rəisi.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat və sənaye nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.   
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini.  
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.   
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.   
Sahir Məmmədxanov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Sədaqət Qəhrəmanova, Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
Həmid Bağırov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsi sədrinin müavini. 
Avtandil Babayev, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyəti sədrinin müavini.

*     *     *

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Natiq Əzizov, Azərbaycan Respublikası Baş nazirinin köməkçisi.

*     *     *

Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini. 

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı barədə.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Artur Rasizadə, Fazil Mustafa, Mübariz Qurbanlı, Hadi Rəcəbli, Siyavuş Novruzov, Leyla Abdullayeva, Əli Məsimli, Musa Qasımlı, Vahid Əhmədov, Zahid Oruc, Elton Məmmədov, Sahib Alıyev, İlyas İsmayılov, Azər Badamov, Yevda Abramov, Astan Şahverdiyev, Jalə Əliyeva, Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Elmira Axundova, Asəf Hacıyev, Musa Quliyev, Qənirə Paşayeva, Yaqub Mahmudov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

4. “Terrorçuluğa qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

14 mart 2014-cü il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bu gün Milli Məclisin beşinci iclasıdır. Qanunvericiliyə uyğun olaraq beşinci iclasda biz hökumətin hesabatını dinləyirik. İndi xahiş edirəm, millət vəkilləri qeydiyyatdan keçsinlər.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 109
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə  107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Dediyim kimi, bu gün Milli Məclisin yaz sessiyasının beşinci iclasıdır və bu gün qanunvericiliyə uyğun olaraq Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti barədə hesabat veriləcək.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimizin sosial-iqtisadi inkişaf sahəsində əldə etdiyi nailiyyətlər Nazirlər Kabinetinin parlamentə təqdim etdiyi hesabatda ətraflı təhlil edilmişdir. Eyni zamanda, bir qədər səngiyən, amma hələ də davam edən qlobal iqtisadi böhran şəraitində Azərbaycanın iqtisadi vəziyyəti araşdırılmış və gələcəkdə yerinə yetirilməli olan vəzifələr müəyyənləşdirilmişdir.
Hesabatda qeyd edildiyi kimi, iqtisadiyyatımız 2013-cü ildə də xarici təhdidlərə qarşı güclü müqavimət qabiliyyətini saxlamışdır. Ölkəmizdə makroiqtisadi sabitlik qorunmuş, milli iqtisadiyyatın bütün sahələrində ciddi irəliləyişlər baş vermiş, Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası davam etmişdir.
Ölkə iqtisadiyyatında il ərzində əldə edilən ən uğurlu nəticə ümumi daxili məhsul istehsalında 5,8 faiz artımın əldə olunmasıdır. Dünya üzrə bu göstərici 2,1 faiz təşkil etmişdir. 2013-cü ildə Azərbaycanda inflyasiya birrəqəmli səviyyədə saxlanılmışdır. Bizim üçün digər önəmli fakt iqtisadiyyatımızın qeyri-neft sektorunda əldə edilən artımın 10 faizə çatmasıdır. Bunun nəticəsində həmin sektorun xüsusi çəkisi əvvəlki illə müqayisədə 3,1 faiz-bənd artaraq 56,6 faiz olmuşdur.
Hörmətli millət vəkilləri, hesabatda əksini tapan başqa bir fakta nəzərinizi cəlb etmək istərdim. Bu, hesabat ili ərzində Dövlət Neft Fondunun vəsaitlərinin 1,8 milyard dollara yaxın artaraq 36 milyard dollara çatmasıdır. Ölkədə həyata keçirilən pul-kredit siyasəti sayəsində Mərkəzi Bankın valyuta ehtiyatları il ərzində 21 faiz artaraq 14,1 milyard dollara yaxınlaşmışdır. İl ərzində manatın məzənnəsinin sabitliyi qorunub saxlanılmışdır.
Hazırda Azərbaycanın məcmu valyuta ehtiyatları 50 milyard dollardan çoxdur. Strateji valyuta ehtiyatlarının ümumi daxili məhsula nisbətinə görə Azərbaycan dünyanın ilk 20 ölkəsi sırasındadır.
Bu məsələ ilə bağlı bir məqama da toxunmaq istəyirəm. Son illər  dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı deputatlar diqqəti neftin ixrac qiyməti məsələsinə cəlb edir, onun 100 dollar civarında götürülməsindən narahatlıq bildirirdilər. Amma zaman göstərdi ki, bu proqnoz da düz imiş. Hesabatdan da göründüyü kimi, il ərzində mənfəət neftinin orta çəkili satış qiyməti 109,1 dollar olmuşdur.
Ötən il Azərbaycan dünyanın 149 ölkəsi ilə 34,7 milyard dollar məbləğində xarici ticarət əməliyyatı aparmışdır. Burada önəmli cəhət xarici ticarət dövriyyəsinin 44 faizdən çoxunun Avropa İttifaqı ölkələrinin payına düşməsidir.
Hesabat ilində sahibkarlığın inkişafı, qeyri-neft sektoruna, sosial və infrastruktur layihələrinə investisiya qoyuluşları üçün əlverişli şərait yaradılmışdır. Bunun sayəsində ölkə üzrə 22 milyard manat, yəni 28 milyard dollar sərmayə qoyulmuşdur. İnvestisiyaların 62 faizdən çoxu daxili mənbələr hesabına təmin edilmişdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin göstərişinə əsasən əhalinin sosial rifahının yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması yolu ilə yoxsulluq səviyyəsinin azaldılması hökumətin fəaliyyətinin əsas istiqamətlərindən biri olmuşdur. Hesabatdan göründüyü kimi, iqtisadiyyatda işçilərin orta aylıq əmək haqqı 6,2 faiz artaraq 423 manata, yəni 540 dollara çatmış, yoxsulluğun səviyyəsi ilin yekununa görə 5,3 faiz təşkil etmişdir.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hökumətin hesabatının Milli Məclisdə keçirdiyimiz müzakirələri icra hakimiyyəti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsinə, mövcud problemlərin araşdırılmasında və həllində millət vəkillərinin iştirakına imkan yaradır. Təqdim olunan hesabatdan da göründüyü kimi, hökumət müzakirələr zamanı millət vəkillərinin təkliflərinə diqqətlə yanaşmış, dövlət proqramlarının və digər sənədlərin hazırlanmasında bunlardan istifadə etmişdir. Hökumətin hesabatında 50-dən yuxarı millət vəkilinin verdiyi məsləhətlər nəzərə alınmışdır. Hesab edirəm ki, deputatlar bu gün keçirilən müzakirələrdə də fəal olacaq, səmərəli təkliflər verəcəklər.
Hörmətli millət vəkilləri, hesabatın tam mətni sizə verilib, hamınız tanış olmusunuz. İndi təklif edirəm ki, biz ilk növbədə sözü Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə verək, sonra müzakirələrə başlayaq. Etirazınız yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Artur müəllim, buyurun.
A.RasizadəAzərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli deputatlar! Azərbaycanın ardıcıl islahatlara və sistemli proqramlara əsaslanan dinamik sosial-iqtisadi tərəqqisi hesabat ilində də uğurla davam etdirilmişdir. Hökumətin fəaliyyətinin əsasını təşkil edən iqtisadi inkişafın başlıca hədəfi xalqın rifahının yüksəldilməsidir. Bu məqsədə nail olunması üçün makroiqtisadi sabitliyin qorunub saxlanılması, iqtisadiyyatın şaxələndirilməsi və regionların davamlı inkişafı təmin edilmişdir. Qazanılmış müvəffəqiyyətlər günün çağırışlarına uyğun müasir idarəçilik keyfiyyətlərinə malik Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin qayəsini təşkil etmişdir.
Ötən il dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin inkişafının davamlılığının təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edən Prezident seçkiləri keçirilmişdir. Seçicilər rəhbərliyi dövründə real işləri ilə xalqın etimadını qazanmış İlham Əliyevi dəstəkləmişlər.
Son 10 ildə iqtisadiyyatda əldə olunmuş yüksək nəticələri aşağıdakı rəqəmlər bir daha əyani təsdiq edir. Belə ki, bu dövrdə ümumi daxili məhsulun həcmi 3,2 dəfə, sənaye məhsullarının istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsullarının istehsalı 1,5 dəfə, investisiya qoyuluşu 5,2 dəfə, o cümlədən qeyri-neft sahəsinə 15,3 dəfə, kredit qoyuluşları 23 dəfə, əhalinin gəlirləri 6,5 dəfə, orta aylıq əmək haqqı 5,5 dəfə, minimum əmək haqqı 11,7 dəfə, pensiyaların orta məbləği 7,2 dəfə, banklardakı əmanətlər isə 25,4 dəfə artmışdır. Yoxsulluğun səviyyəsi 7,4 dəfə azaldılmış, 1 milyon 200 min yeni iş yeri yaradılmışdır.
Həmin müddətdə dövlət büdcəsinin xərcləri 15,5 dəfə yüksəlmişdir. O cümlədən artım sosialyönlü xərclərdə 7,2 dəfə, səhiyyədə 11,2 dəfə, təhsildə 6,1 dəfə, mədəniyyət və idman sahələrində isə 8,8 dəfə təşkil etmişdir.
Əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də sosial-iqtisadi və institusional islahatların dərinləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Bu istiqamətdə atılmış ən önəmli addımlardan biri dövlət başçısının şəxsi təşəbbüsü ilə yaradılmış “ASAN xidmət”in innovasiyalar əsasında qurulmuş fəaliyyətinin genişləndirilməsi olmuşdur. Nəticədə əhaliyə göstərilən dövlət xidmətlərinin keyfiyyəti əsaslı surətdə yaxşılaşdırılmış və şəffaflıq prinsipləri təmin edilmişdir.
Hesabat ilində ümumi daxili məhsulun real artımı 5,8 faiz, qeyri-neft sektorunda isə 10 faiz olmuşdur. Bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 22 milyard manat investisiya cəlb edilmişdir. Ümumi investisiyaların 74,3 faizi qeyri-neft sektorunun payına düşmüşdür. İllik inflyasiya 2,4 faiz səviyyəsində qeydə alınmışdır. Əhalinin gəlirləri 8 faiz artmış, onun adambaşına düşən hissəsi 4 min manatı ötmüş, yoxsulluğun səviyyəsi isə 5,3 faizə düşmüşdür. Minimum əməkhaqqı, pensiyaların baza hissəsi və dövlət təşkilatlarında çalışanların maaşları artırılmış, ümumilikdə ölkə üzrə orta aylıq məvacib 6,2 faiz artırılaraq 423 manata çatdırılmışdır.
Qazanılmış uğurların əsas səbəblərindən biri 2013-cü ilin dövlət büdcəsinin yüksək səviyyədə icra olunması ilə bağlıdır. Belə ki, onun mədaxilinin proqnozu 101,8 faiz yerinə yetirilərək 19,5 milyard manat təşkil etmişdir. Hesabat dövründə dövlət büdcəsinin xərclərində sosial təyinatlı xərclərin xüsusi çəkisi 32,6 faiz təşkil edərək 6,2 milyard manat məbləğində olmuşdur.
Ölkədə həyata keçirilən tarazlaşdırılmış maliyyə və pul siyasəti inflyasiyanın aşağı səviyyədə saxlanılmasına və manatın sabitliyinin qorunmasına zəmin yaratmışdır. İlin sonuna 50 milyard ABŞ dolları məbləğinə çatdırılan və ümumi daxili məhsulun təqribən 70 faizi səviyyəsində olan strateji valyuta ehtiyatları ölkənin sosial-iqtisadi inkişafını şərtləndirən mühüm amillərdən birinə çevrilmişdir. Bu dövrdə əhalinin banklardakı əmanətləri 25,1 faiz artaraq 6,4 milyard manatı ötmüşdür. Göstərilən nailiyyətlərin dünyada 2008-ci ildən bəri davam edən qlobal maliyyə və iqtisadi böhran şəraitində mümkün olması da diqqətçəkən məqamdır.
Hesabat ilində regionların Bakı şəhəri və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası təmin edilmişdir. Proqramlar çərçivəsində yollar çəkilmiş, əhalinin qaz, elektrik enerjisi, su təchizatı və sosial infrastruktur əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır. Bölgələrin prioritet inkişafını nəzərə alaraq Sahibkarlığa Kömək Milli Fondu tərəfindən sahibkarlıq subyektlərinə verilmiş güzəştli kreditlərin 70 faizindən çoxu regionlara istiqamətləndirilmişdir. Ümumilikdə regionların inkişafı proqramlarının icrasına 50,7 milyard manat, o cümlədən ikinci proqramın icraatına 34,7 milyard manat vəsait yönəldilmişdir.
Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq əhalinin içməli su  təminatının yaxşılaşdırılması istiqamətində görülmüş əhəmiyyətli işləri xüsusilə vurğulamaq istərdim. Son on ildə 3400 kilometrdən artıq içməli su xətti, 1200 kilometrdən çox kanalizasiya xətti, xeyli sayda su anbarı, nasos stansiyası və kəndlərdə modul tipli sutəmizləyici qurğular inşa edilmişdir. Görülmüş işlərin məntiqi nəticəsi olaraq ölkə əhalisinin 55 faizi fasiləsiz keyfiyyətli içməli su ilə təmin olunmuşdur.
Məcburi köçkünlərin yaşayış şəraitinin və sosial təminatının yaxşılaşdırılması istiqamətində görülən işlər ötən ildə də davam etdirilmişdir. İl ərzində 29 min nəfərə yaxın məcburi köçkün hər cür şəraiti olan yeni mənzillərə köçürülmüşdür. Məcburi köçkünlərin sosial problemlərinin həllinə 637 milyon manat vəsait xərclənmişdir ki, bu da 2003-cü illə müqayisədə 5,8 dəfə çoxdur. Ümumilikdə son on ildə bu məqsədlərə 3,6 milyard manat maliyyə vəsaiti sərf edilmişdir.
Hörmətli deputatlar, 2013-cü ildə neft-qaz sahəsinin gələcək inkişafı üçün önəmli addımlar atılmışdır. Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının işlənməsi layihəsi üzrə yekun saziş imzalanmışdır. Azərbaycan qazının dünya bazarına çıxarılması məqsədi ilə Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsi, Trans-Anadolu Boru Kəməri (TANAP) və Trans-Adriatik Boru Kəməri (TAP) layihələri ilə bağlı müqavilələr imzalanmış və onların həyata keçirilməsinə başlanılmışdır. Respublikaya böyük həcmdə investisiyaların cəlb edilməsinə, yeni iş yerlərinin açılmasına imkan verəcək bu layihələr ölkənin və xalqın gələcəyi üçün mühüm əhəmiyyət kəsb edir.
Ölkənin enerji təhlükəsizliyinin möhkəmləndirilməsinin davamı olaraq hesabat ilində elektrik stansiyalarının ümumi gücü 12,9 faiz artırılmış və 7 min meqavatı ötmüşdür. Ümumən, son on ildə 17 elektrik stansiyası tikilərək istismara verilmiş, 15 min kilometrdən artıq elektrik xətti çəkilmiş, 1600-dən çox yarımstansiya inşa edilmiş və yenidən qurulmuşdur.
Qeyri-neft sektorunun aparıcı sahələrindən biri olan aqrar-sənaye kompleksində də nəzərəçarpacaq dəyişikliklər müşahidə olunmuşdur. Hesabat ilində kənd təsərrüfatında istehsal 4,9 faiz artmış, əsas məhsulların istehsalında müsbət nəticələr əldə edilmişdir. Yaradılmış iri taxılçılıq təsərrüfatlarında qeydə alınmış yüksək məhsuldarlıq ardıcıl həyata keçirilən ərzaq təhlükəsizliyi kursunun düzgünlüyünü təsdiq etmişdir.
Kənd təsərrüfatının inkişafına göstərilən dövlət dəstəyi tədbirlərinin davamı olaraq mövcud vergi azadolmalarının müddəti daha 5 il uzadılmışdır. Dövlət büdcəsindən və digər mənbələrdən ayrılmış vəsaitlər hesabına sahənin texniki təminatının yaxşılaşdırılması üzrə mühüm işlər görülmüşdür. Ötən il Taxtakörpü kompleksinin istifadəyə verilməsi əkin sahələrinin suvarılmasının yaxşılaşdırılmasına, yeni torpaqların dövriyyəyə cəlb edilməsinə, içməli su ehtiyatlarının artırılmasına və elektrik enerjisi istehsalına imkan yaradacaqdır.
2013-cü ildə yol-nəqliyyat kompleksində yük və sərnişin daşınmalarında artıma nail olunmuş, nəqliyyat parklarının yenilənməsi ilə bağlı konkret addımlar atılmışdır. Avtomobil yollarının tikintisi və təmiri işləri davam etdirilmiş, çoxlu sayda körpülər və keçidlər inşa olunmuşdur.
“İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilmiş 2013-cü ildə Azərbaycanın ilk telekommunikasiya peyki orbitə çıxarılmış, sahənin inkişafı keyfiyyətcə yeni mərhələyə yüksəlmişdir. Keçən il 50 elektron ATS istismara verilmiş, ölkənin telefon şəbəkəsinin ümumi tutumu xeyli genişləndirilmişdir. “Elektron hökumət portalı”nın fəaliyyəti təkmilləşdirilmiş, ona qoşulan mərkəzi icra hakimiyyəti orqanlarının və göstərilən elektron xidmətlərin sayı artırılmışdır.
Hörmətli deputatlar, 2013-cü ildə humanitar sahələrin inkişafı ilə bağlı dövlət proqramlarının icrası ardıcıl həyata keçirilmişdir. Bu seqmentin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilmiş, çoxsaylı sosial infrastruktur obyektləri istifadəyə verilmişdir. Təhsilin müasir tələblərə uyğun yeniləşdirilməsi, pedaqoji kadrların hazırlığının təkmilləşdirilməsi, yeni maliyyə mexanizmlərinin tətbiqi ilə bağlı konkret işlər görülmüşdür. Ötən il 300-ə qədər yeni ümumtəhsil məktəbi binası inşa edilmiş və əsaslı təmir olunmuşdur. Son on ildə tikilmiş məktəblərin sayı onların bu günə mövcud olan ümumi sayının yarıdan çoxunu təşkil edir.
Səhiyyə sahəsində aparıcı texnologiyalarla və müasir avadanlıqlarla təchiz olunmuş yeni tibb mərkəzləri yaradılmış, əhaliyə göstərilən xidmətin keyfiyyəti nəzərəçarpacaq dərəcədə artırılmışdır. Bir çox xəstəliklər üzrə ölüm hallarının göstəriciləri kəskin aşağı düşmüş, orta tibb mütəxəssislərinə olan tələbatın ödənilməsi məqsədi ilə yeni təhsil müəssisələri açılmışdır.
Hesabat ilində respublikada mədəniyyətin bütün sahələrinin inkişafı, mədəni irsin qorunub saxlanılması, tarixi abidələrin öyrənilməsi və bərpası ilə bağlı ardıcıl tədbirlər həyata keçirilmişdir.
Ölkənin böyük turizm potensialının reallaşdırılması və müvafiq infrastrukturun yaradılması istiqamətində zəruri addımlar atılmışdır.
Hörmətli deputatlar, əvvəlki illərdə olduğu kimi, Nazirlər Kabineti ölkənin hərbi gücünün artırılmasına, müdafiə qabiliyyətinin möhkəmləndirilməsinə və Silahlı Qüvvələrin ən müasir hərbi texnika və silahlarla təmin edilməsinə prioritet istiqamət kimi xüsusi diqqət yetirmişdir. Orduda aparılan quruculuq işlərinə uyğun olaraq hərbçilərimizin döyüş hazırlığının və peşəkarlığının artırılması, sosial müdafiəsinin gücləndirilməsi tədbirləri davam etdirilmişdir. Ümumilikdə müdafiə xərclərinin maliyyələşdirilməsinə 3 milyard manat vəsait ayrılmışdır.
Hörmətli deputatlar, Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı nitqində Prezident İlham Əliyev qazanılan uğurlu nəticələrin daha da möhkəmləndirilməsi üçün hökumətin qarşısında duran konkret vəzifələri və prioritetləri dəqiq müəyyənləşdirmişdir. Nazirlər Kabineti bu tapşırıqların həyata keçirilməsini özünün fəaliyyət proqramı kimi qəbul etmişdir. Diqqətinizə görə sağ olun.  
Sədrlik edən. Sağ olun, Artur müəllim. Müzakirələrə yazılanlar, buyurun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, cənab Baş nazir! Təbii ki, cənab Baş nazirin çıxışında və Nazirlər Kabinetinin bizə paylanan hesabatında məsələlər geniş şəkildə öz əksini tapıb. Həqiqətən də, son illərdə ölkədə iqtisadi, sosial sahədə kifayət qədər ciddi irəliləyişlər olduğunu hər kəs etiraf edir. Təbii ki, bölgədə bu qədər həssas geosiyasi vəziyyətin içində Azərbaycan kimi ölkələrin öz varlığını qoruması, özünü ayaqda tutması belə böyük uğur sayıla bilər.  
Amma bununla yanaşı, müəyyən sahələrdə inkişaf etməyimiz vacibdir. Xeyli sahələrdə də problemlər qalmaqdadır. Çıxışımı Nazirlər Kabinetinin hesabatı üzərində qurmaq istəmirəm. Mən, sadəcə olaraq, ayrı-ayrı konkret sahələrə, aktual məsələlərə aid öz münasibətimi bildirmək istəyirəm ki, hörmətli hökumət üzvləri bu məsələləri gələcək fəaliyyətlərində diqqətə alsınlar.
Məncə, hökumət birinci növbədə son vaxtlar Azərbaycanda baş verən, xüsusilə də kiçik və orta sahibkarlarla münasibətlərdə ortaya çıxan problemlərin həlli istiqamətində daha çevik və doğru addımlar atmağa borcludur. Məsələn, indi gündəmdə ən vacib məsələlərdən biri metroda satıcıların problemləri ilə bağlıdır. Mən başa düşürəm, metronun giriş-çıxışı açıq olmalıdır, çox bərbad vəziyyətdədir, pintilik, çirkab, hamısı öz yerində. Bunlar hamısı təmizlənməlidir, qaydaya düşməlidir.
Amma bir reallıq var, Azərbaycanda sahibkar adi bir nöqtəni belə pulsuz əldə eləmir. Onun təmirinə də kifayət qədər vəsait ayırır. Qeyri-rəsmi bu vəsaitləri ödəyir. Bu insanlar bir gün göz açıb görürlər ki, bura sökülməlidir, ortadan qaldırılmalıdır, heç kimin əlində sənəd yoxdur. Eyni problemlər “talkuçka” deyilən Sədərək, Binə və başqa yerlərdə də meydana çıxır. Hamının yeri var, obyekti var, amma heç kim mülkiyyət sahibi deyil.
Yəni bu ölkədə, nəhayət ki, hüquqa yönəli müəyyən addımların  atılması vacibdir. İnsan öz həyatını o obyekt, o yer üzərində qurub və bir günün içində bunun həyatı dağılır. Bu insan nə etməlidir? Bu insan dövlətdən necə razı qala bilər? Axı bu öz vətəndaşımızdır. Dövlət özü maraqlı olmalıdır ki, vaxtından bir ay, iki ay qabaq bu vətəndaşlar üçün ayrıca yerlər açılsın. Çölə atılan adam mütləq dövlətin belində yükə çevrilir. Dövlətə lazımdırmı ki, belində yük olan adamların, sosial müavinət verdiyi vətəndaşların sayı artsın? Bu baxımdan, məncə, burada ciddi bir proqram işlənib hazırlanmalı və həyata keçirilməlidir.
Sovetski ilə bağlı məsələ də, nəhayət, öz ədalətli həllini tapmalıdır. Adamlar uzun illər eyni məhəllədə yaşayıblar. Ora pinti vəziyyətdədir, təbii ki, sökülməlidir. Orada park salınmalıdır, gözəlləşmə, yaşıllaşma olmalıdır. Bunu kim bəyənmir ki? Amma vətəndaş yaşadığı yerdən, bu ərazidən getmək istəmir. Babaları orada yaşayıb, uşağı orada məktəbdə oxuyur, xanımı orada çalışır, həyatı ora ilə bağlıdır. İnsana bu qədər hörmətsiz yanaşmaq olmaz axı. Doğrudur, kvadratmetr hesabından dövlət özü çoxusuna ədalətli qiymət təklif edir. Əslinə baxsan, sənəd üzərində verilən qiymətlər normaldır. Amma elə məsələlər var ki,  pulla ölçülmür, insana dəyərlə ölçülür və bu dəyər verilməyəndə insanlar arasında narazılıq yaranır. Olmaz ki, o ərazilərdə bir neçə hündür mərtəbəli yaşayış evi tikilsin, təmir olunsun? Təmirin qiyməti, bilirsiniz, 20–30 mindir. Adama lap kirayə pulu da verdiniz, getdi, bir-iki il yaşadı,  insan bir yerdə daimi məskunlaşmayanda rahat olmur. Ona görə də məncə, hökumətin bu problemləri həll etməsi vacibdir.
Burada tibb, səhiyyə sahəsi ilə bağlı məsələlər gündəmə gətirildi. İstəyirəm, bir ciddi problem də hörmətli səhiyyə nazirinin diqqətində olsun. Məsələn, indi hər hansı bir şəxs bir işdən başqa işə köçürülmək istədikdə ciddi problemlə qarşılaşır. Deyilir ki, vakansiya var, müraciət eləsinlər, iş yerləri haqqında məlumat qəzetdə çıxacaq, sonra müsabiqə olacaq və onun nəticələrinə görə insanlar müəyyən yerlərə təyin olunacaqlar. Deyək ki, Ağdaşda prokuror işləyən bir nəfəri Lerikə göndərirlər. Xanımı da Ağdaş rayon xəstəxanasında işləyir. İndi bunun yoldaşı ya ərindən ayrılmalıdır, Ağdaşda qalmalıdır, ya da işini tərk eləməlidir, işsiz qalmalıdır. Lerikdə işə getmək üçün mütləq orada vakansiya olmalıdır və bu adam da o vakansiyanı tutmaq üçün müraciət etməli və müsabiqədən keçməlidir. Müsabiqədən keçsə, qəbul olunacaq.
Dövlət məmurlarına, müəyyən kateqoriyadan olan şəxslərə bunu asanlaşdırmaq lazımdır. Bunu bu qədər mürəkkəbləşdirərək məmurları dövlətdən narazı salmaq olmaz. Açığı, istəyiriksə ki, orada rüşvətin,  korrupsiyanın qarşısı alınsın, bunu, əslində, daha şəffaf şəkildə etmək, amma müəyyən kateqoriyadan olan insanlar üçün güzəştlər müəyyən eləmək lazımdır. Axı bu adam neyləsin ki, onu Lənkərana göndəriblər, indi də yerini dəyişib Gədəbəyə göndərirlər. Hərbçilərdə də eyni vəziyyətdir. Hərbçi məcburdur ailəsini Bakıda saxlasın, çünki övladı məktəbdə oxuyur, yüksək təhsil buradadır. Özü orada səngərdədir, yaxud da döyüş bölgəsindədir, kirayədə qalır, ailəsini gətirə bilmir. Çoxlu ailələr dağılır və bunun da nəticəsi ölkəmiz üçün pis olur.
Təhsil sahəsində Beynəlxalq Universitetlə bağlı məsələ illərdir gündəmdədir. Çöldə qalan tələbə bizim vətəndaşdır, onun problemini həll eləmək lazımdır. Problemi dondurmaq və ya problemi görməzdən gəlmək indiki dövrdə heç kimin marağına uyğun deyil, bu, xüsusilə dövlətin  marağına uyğun olmamalıdır. Ortada qalan 5–10 nəfərin problemini həll eləmək lazımdır ki, bu məsələ, nəhayət, gündəmdən çıxsın. Bir nəfər  dələduzun qeyri-hüquqi fəaliyyətinə görə o qədər insan əziyyət çəkməməlidir.
Rusiya ilə bağlı məsələdə də mən istəyirəm ki,  hökumət son günlərin ritorikasına diqqət yetirsin. Ukraynanın SSRİ-dən ayrılmasına dair Rusiya prezidenti bildirdi ki, bu, qanunsuz yolla olub. Bu həm də dolayı yolla bizə bir eşitdirmədir. Jirinovskinin çıxışını da eşitdiniz. Ona görə də orada iqtisadi sanksiyalar tətbiq olunanda azərbaycanlıların da düşəcəyi çətin durumu nəzərə alaraq azərbaycanlılarla bağlı problemlərin qarşısının alınması üçün burada müəyyən bir proqramın hazırlanmasına ehtiyac var və bu mütləq olmalıdır.
Orduya vəsait ayrılması məsələsi. Məncə, orduya vəsait ayrılması da məqsədyönlü olmalıdır. Ukrayna hadisələri nəyi göstərdi? Milyardlarla dollar orduya xərcləyirsən, amma qaba bir güc gəlir, bunun qarşısında dura bilmirsən. Saakaşvilinin bir çıxışını dinlədim. Ötən dəfə dedi ki, mən gürcü xalqı üçün daha yaxşı nəyi edə bilərdim? Orduya ayırdığım vəsait hesabına 100 minə yaxın gürcü tələbəsini xaricə göndərib onların daha yüksək təhsil almasını təmin edərdim, çünki onsuz da qarşımızda elə bir güc durur ki, mənim aldığım silah və texnika ilə onun qabağında durmaq  mümkün deyil. Təbii ki, orduya məqsədyönlü şəkildə vəsait ayrılmalıdır, amma daha çox diqqət, məncə, bu biri istiqamətə ayrılsa, daha yaxşı olar.
Bir də idmanla bağlı vacib məsələyə toxunmaq istəyirəm. Gedin bütün poliklinikalara, xəstəxanalara, özəl tibb məntəqələrinə, görəcəksiniz ki, adam əlindən tərpənmək olmur. Baxırsan, yaşlılar, qadınlar, uşaqlar, hamı xəstədir. Hələ mən xaricdə müalicə olunanlarımızı demirəm. Hamı  müalicəyə gəlir. Çünki insanların xəstəlikdən qabaqkı sağlamlıq vəziyyəti dəqiq müəyyən olunmayıb. 
Bakı şəhərində qaçış meydançaları yoxdur, insanların idmanla məşğul ola biləcəyi müəssisələrin heç biri açıq deyil, bütün idman kompleksləri bağlıdır. Bunları açmaq, istifadə qiymətlərini ucuzlaşdırmaq lazımdır. Doğrudur, son vaxtlar bizdə idman obyektlərinin yaradılmasına böyük diqqət yetirilir, pul ayrılır, müəyyən işlər görülür, meydançalar salınır, komplekslər tikilir. Amma bu yetərli deyil. Bu obyektlərdən əhalinin aşağı qiymətlərlə istifadə etməsini təmin etmək lazımdır. Türkiyədə, Rusiyada bunu edirlər. Bunu bizdə də eləmək lazımdır. Ona görə də mən istərdim ki, hökumət üzvləri bunu nəzərə alsınlar. Bir daha təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M.Qurbanlı. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli Baş nazir, hörmətli hökumət üzvləri! 2013-cü il Azərbaycan üçün uğurlu illərdən biri oldu. 2013-cü ilə biz siyasi və iqtisadi baxımdan yekun vurmaq istəsək, deməliyik ki, iqtisadi baxımdan göstəricilərimiz kifayət qədər yüksək olub. Bu gün dünyada ölkələrin iqtisadi inkişafına nəzər salsaq, görərik ki, 2013-cü ildə ümumi daxili məhsulun artımına görə Azərbaycan yenə də önəmli yerlərdən birini tutub.
2013-cü ildə də beynəlxalq miqyasda ayrı-ayrı bölgələrdə davam edən iqtisadi böhran, təbii ki, dünya iqtisadi sisteminə təsir göstərirdi. Amma buna baxmayaraq, Azərbaycan hökumətinin, Prezidentimizin rəhbərliyi ilə həyata keçirilən siyasət sayəsində Azərbaycanın büdcəsində nəzərdə tutdu-ğumuz sosial proqramların heç birində geriləmə baş verməmişdir. Ölkədə geniş quruculuq, abadlıq işləri aparılıb ki, bütün bunlar da əhalinin güzəranının və əhval-ruhiyyəsinin yaxşılaşmasına böyük təkan verib.
Siyasi baxımdan biz 2013-cü ilə nəzər salsaq, qeyd etməliyik ki, 2013-cü il seçkilər ili olmuş və həmin seçkilərdə də Yeni Azərbaycan Partiyasının namizədi Prezidentimiz cənab İlham Əliyev Azərbaycan əhalisinin böyük dəstəyini qazanmışdır.
Hesab edirəm ki, hökumətin 2013-cü illə əlaqədar hesabatı yüksək səviyyədə hazırlanıb və bütövlükdə ölkəmizin sosial-iqtisadi inkişafını özündə əks etdiribdir. Biz hər il hesabatlara baxır və onların ildən-ilə necə  təkmilləşdirildiyini görürük. Burada hökumətin həm əvvəlki illərdə verdiyi hesabatlar, həm də büdcə müzakirələri zamanı parlamentdə qaldırılan məsələlərə nə qədər diqqətlə, həssaslıqla yanaşdığını müşahidə edirik. Bu, parlamentlə hökumət arasında yaranmış müsbət əlaqələrin ən yaxşı nümunəsidir.
2013-cü ildə parlamentimizdə qəbul etdiyimiz qanunlar ölkədə aparılan sosial-iqtisadi islahatların daha geniş şəkildə həyata keçirilməsinin hüquqi bazasını yaratmışdır. Əlbəttə, problemsiz ölkə yoxdur, dünyanın istənilən ölkəsində istənilən problemi aşkara çıxarmaq mümkündür. Azərbaycan gənc ölkədir, Azərbaycan eyni zamanda müharibəyə cəlb edilib, ərazisinin 20 faizi işğal altındadır, qaçqın problemi, köçkün problemi var. Amma bütün bunlara baxmayaraq, Azərbaycan düzgün siyasi xətlə, düzgün yolla irəliyə gedir, öz mövqelərini ildən-ilə möhkəmləndirir. Ona görə də bəzi deputat həmkarlarımın çıxışlarında bu və ya digər problemlərin qabardılması, hesab edirəm ki, düzgün deyildir. Mətbuatda bəzən qeyri-obyektiv, dəqiq olmayan məlumatlar yazılır və bütün bunlar da, əlbəttə, bizim tərəfimizdən inkar edilir və haqlı olaraq tənqid edilir. 
Hökumətin hesabatını diqqətlə oxuduqda biz orada ardıcıllığı görməkdəyik. Yəni Azərbaycanda nəzərdə tutulan iqtisadi islahatlar ardıcıl şəkildə həyata keçirilir. Ölkəmizin seçdiyi strategiya və taktika çox doğrudur. Məsələn, biz bu ili sənaye ili elan etmişik. Əgər biz bunu 10 il əvvəl etsəydik, bəlkə də qarşımıza qoyduğumuz məqsədi həyata keçirə bilməzdik. Ona görə də bu məsələlər sistemli şəkildə həyata keçirilməlidir. Biz əgər regionları inkişaf etdirmədən, orada enerji məsələlərini,  ayrı-ayrı müəssisələrin yaradılmasını təmin etmədən birdən-birə sənaye ili elan etsəydik, əlbəttə, bu real olmazdı. Amma hər şey mərhələlərlə həyata keçirilir.
Azərbaycan Respublikası regionlarının 2004–2009-cu və 2009–2013-cü illərdə sosial-iqtisadi inkişafı dövlət proqramları uğurla həyata keçirildi. Bu gün Azərbaycanın regionları ilə Bakı şəhəri arasındakı münasibətlərə baxdıqda biz regionların kifayət qədər inkişaf etdiyini görürük və bu da nəticə etibarilə ölkədə sənayenin yeni sahələrinin inkişafı üçün əlverişli şərait yaradır. Hökumətin tərkibindəki dəyişikliklərə baxırıq, struktur islahatlarına baxırıq – bütün bunların bir məqsədi vardır, bu da Azərbaycanın sosial-iqtisadi inkişafını gücləndirmək, xalqın rifahını yaxşılaşdırmaqdır.
Bilirsiniz, biz bəzən xaricdən gələn nümayəndələrlə görüşürük. Müxtəlif ölkələrdən parlament xətti ilə də, Yeni Azərbaycan Partiyası xətti ilə də Azərbaycana gəlib bizimlə görüşən şəxslər bir fikri söyləyirlər. İlk dəfə ölkəmizə gələnlər deyirlər ki, biz Azərbaycana gəlməzdən öncə onun haqqında məlumatlar əldə etməyə çalışırıq. Təbii ki, bu məlumatları onlar müasir texnologiyaların yaratdığı imkanlardan istifadə edərək internet və digər kütləvi informasiya vasitələri ilə əldə edirlər. Onlar bildirirlər ki, biz Azərbaycana gəldikdən sonra həmin məlumatlarla buradakı situasiyanı tutuşdurduqda çox kəskin fərq görürük. Sizin ölkə haqqında xaricdə yayılan məlumatlarda qərəzlilik daha çox özünü büruzə verir. Bəzən ölkəmizə gəlmək istəyən hansısa bir xanım nümayəndə buraya gəlməzdən öncə Azərbaycan haqqında məlumatları oxuyanda onda belə bir təəssürat yaranır ki, Azərbaycan bir müsəlman ölkəsidir və buraya gələndə o da burada müsəlman fundamentalizmi və bəzən də lazım olmayan siyasəti tətbiq edən ölkələrdəki şəraitlə qarşılaşacaqdır, amma buraya gələndə baxır ki, Azərbaycan müasir bir ölkədir, Bakı gözəl bir şəhərdir və sair.
Ona görə də mən hökumətin siyasətində Azərbaycanın xaricdə təbliğinə xüsusi diqqət yetirilməsini məqsədəuyğun sayıram. Doğrudur, bu istiqamətdə çox böyük işlər görülür, Heydər Əliyev Fondu bununla bağlı böyük işlər görür, xaricdə olan səfirliklərimiz, müxtəlif qurumlarımız bu işləri görürlər. Xüsusilə internet portallarında ingilis dilində, rus dilində məlumatlar yayılır. Yeni Azərbaycan Partiyası da bununla bağlı böyük işlər görür. Amma görünür ki, bizim bununla bağlı daha çox işlər görməyimizə böyük ehtiyac var. Gələcəkdə biz büdcəni müəyyənləşdirərkən Azərbaycanın təbliği məsələsini, hesab edirəm, xüsusi bir bənd kimi qeyd etməliyik. Bu çox vacib bir məsələdir.
Azərbaycan Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının iki il qeyri-daimi üzvü olub. Bu üzvlük Azərbaycanın beynəlxalq təşkilatlar səviyyəsində, daha yüksək səviyyədə tanıdılmasında rol oynayıb. Amma  xüsusilə iqtisadi potensialımız, iqtisadi imkanlarımız, investisiya imkanlarımız, o cümlədən Azərbaycanın xarici ölkələrə investisiya yatırma imkanları, həmçinin Azərbaycanın sosial-iqtisadi inkişafı, dini tolerantlıq, digər məsələlər, bunlar çox vacibdir. Siz fikir verirsiniz, bizim dini nümayəndələrin xarici ölkələrə səfərləri zamanı onlara deyirlər ki, biz Azərbaycanla çox maraqlanırıq, Azərbaycanda ayrı-ayrı dini təmayüllərin eyni məsciddə bir yerdə olması və sair bizim üçün çox qəribə görünür. Yəni bizdə olan bu tolerantlığın, iqtisadi inkişafın təbliğinə ehtiyac var. Hesab edirəm ki, bunlar diqqətdə saxlanılan məsələlərdir.
Yeri gəlmişkən deyim ki, təmsil olunduğum Şəmkir və Daşkəsən rayonlarında da hesabat ilində çox böyük işlər görülüb, sosial obyektlər tikilib, yeni iş yerləri açılıb. Daşkəsəndə “Yeni Daşkəsən” layihəsi  həyata keçirilməkdədir, eyni zamanda, Şəmkir rayonunda quruculuq, abadlıq işləri aparılıb, yeni məktəblər tikilib. Rayonda bu il yeni xəstəxananın tikintisi nəzərdə tutulub.
Bütün bunlar onu göstərir ki, Prezidentimiz cənab İlham Əliyevin müəyyən etdiyi siyasi strategiya, iqtisadi  xətt çox doğru, praqmatik bir xətdir, xalq tərəfindən dəstəklənən və ümummilli maraqlarımızı özündə əks etdirən bir xətdir. Ona görə də sağdan, soldan, xaricdən, daxildən hansısa qüvvələrin Azərbaycanın inkişafını ləngitməyə yönələn müxtəlif cəhdlərinə, bu və ya digər təxribatlarına, hansısa provokasion hərəkətlərinə baxmayaraq, biz seçdiyimiz yolla inamla gedirik və əminəm ki, Azərbaycan bir dövlət olaraq öz qarşısına qoyduğu məqsədə tam nail ola biləcəkdir. Bütövlükdə hesabatın tam qəbul olunmasına tərəfdaram, buna səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, deputat həmkarlarım, hökumət üzvləri! Bu gün biz Azərbaycan parlamentinə verilmiş imkanların birindən istifadə edirik. Parlament hökumətin hesabatını dinləyir. Hesabatı dinləməkdə əsas məqsəd nədir? Məqsədimiz odur ki, təsdiq etdiyimiz büdcənin icrasına qismən nəzarət edək, eyni zamanda görülən işləri qiymətləndirək və qarşıda duran vəzifələri, bəzi çatışmazlıqları qeyd edək. Əgər biz bu gün o məsələlərdən danışmasaq, onda əksliklərin vəhdəti və mübarizəsi olmaz, onda bizim inkişafdan söhbət gedə bilməz.
Bu baxımdan mən dünyada gedən proseslərə rəğmən Azərbaycanda gedən inkişafı xüsusi vurğulamaq istəyirəm və Azərbaycanda son illərdə gedən iqtisadi, sosial inkişafı sözün tam mənasında intibah adlandırıram. Azərbaycan sözün əsl mənasında intibah yaşayır. Bu intibahı bizə ulu öndərimiz Heydər Əliyev dühası miras qoyubdur. O bazanın üzərində Azərbaycanda ardıcıl olaraq inkişaf var və bu inkişaf hər addımda, hər yerdə görünür.
Bir məsələni mən xüsusi vurğulamaq istəyirəm. Kənardan, bir az da zaman uzaqlığından bu məsələyə baxanda Azərbaycanın inkişafı daha parlaq, daha ciddi surətdə göz önündə canlanır. Son 10 ildə inkişafımızı təcəssüm etdirən rəqəmləri bu gün burada səsləndirdilər. Başqa dövlətlərlə  müqayisə xüsusilə sevindiricidir. Təsəvvür edin, başqa ölkələrdə inkişaf göstəricilərini faizlə deyirlər. Bizdə isə rəqəmlər onu göstərdi ki, ölkədə son 10 ildə bir sıra sahələrdə, demək olar ki, bütün sahələrdə 5–15 dəfə inkişaf özünü göstərməkdədir.
Biz sosial sahəyə daha çox diqqət yetirməliyik. Nəyə görə? Çünki gördüyümüz bütün işlər, bütün iqtisadi fəaliyyət və bütün nailiyyətlərimiz vətəndaşın rifahına yönəlib. Bunu biz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin seçkidən sonra andiçmə mərasimində bu binada etdiyi çıxışında bir daha bariz surətdə gördük. O çıxışın bütün leytmotivi, mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda sosial dövlət quruculuğu ardıcıl olaraq davam edəcək, Azərbaycan sözün əsl mənasında sosial rifah dövlətinə çevriləcək.
Bir şeyi biz bu gün xüsusi vurğulamalıyıq. Bir iqtisadi formasiyadan digərinə keçid bizim üçün sosial kataklizmlərlə, faciələrlə, dəhşətli məqamlarla müşahidə olundu. Ona görə Azərbaycanın inkişafını biz başqa ölkələrin inkişafı ilə heç də müqayisə etməməliyik. Bu müqayisənin heç yeri də yoxdur. Təsəvvür edin ki, Azərbaycan bir milyon qaçqın, köçkün problemi ilə üzləşdi, iqtisadiyyatı tamam iflic oldu. Belə vəziyyətdən çıxan ölkənin bugünkü uğurları, əlbəttə, xüsusi qeyd edilməlidir.
Sosial sahənin çox geniş olduğuna baxmayaraq, mən bir neçə məsələyə sizin diqqətinizi cəlb etmək istəyirəm. Məsələn, son 10 ildə Azərbaycanda qaçqın və məcburi köçkünlərin problemlərinin həllinə  dövlət büdcəsindən ayrılan vəsait artıq 637 milyon manata gəlib çatıb və  2003-cü illə müqayisədə, demək olar ki, 6 dəfədən çox artıbdır. Qaçqın və məcburi köçkünlər üçün bizdə bu gün yaşayış evləri tikilir. Bu sahədə böyük işlər görülür və demək olar ki, əhalinin bu hissəsi evsizliklə bağlı sıxıntılardan yaxa qurtarıb sözün əsl mənasında yaxşı yaşayış şəraiti ilə təmin olunur.
Başqa bir rəqəmi səsləndirim. Təkcə 2013-cü ildə sosial məqsədlərə ayırmalar bütövlükdə büdcə xərclərinin 32,6 faizini təşkil etmişdir. Əgər biz bir sıra Qərbi Avropa ölkələrində – Yunanıstanda, Portuqaliyada, İtaliyada, İspaniyada gedən proseslərə nəzər salsaq, görərik ki, bütün bu ölkələrdə sosial məqsədlərə ayırmalar azalır və insanların rifahında mənfi mənada ciddi dəyişikliklər baş verir.
Azərbaycanda gedən proseslər sözün əsl mənasında bizi sevindirir. Ölkəmizdə 1 milyon 200 min iş yerinin yaradılması, kiçik sahibkarlığın inkişaf etdirilməsi, regionların sosial-iqtisadi inkişafı proqramlarının həyata keçirilməsi, xüsusi metodlarla idarəetmə, səbəblə daha çox məşğul olmaq, nəinki nəticə ilə... Bu məsələlər hamısı İlham Əliyev dövlət quruculuğunun özəllikləridir və bu, 2013-cü ilin göstəricilərində də özünü bariz şəkildə təcəssüm etdirir.
Mən yenə ona qayıtmaq istəyirəm ki, inkişaf, dinamika,  hərəkət olan yerdə nöqsan da olur. Biz bu tribunadan da, başqa çıxışlarımızda da  sosial müdafiə sistemimizdə olan bəzi nöqsanları qeyd etmiş, bəzi arzularımızı səsləndirmişdik. Sevindirici haldır ki, hökumətin hesabatında bu məsələlərin bir qismi öz əksini tapıb.
Mən xüsusən maliyyə nazirimizə öz minnətdarlığımı bildirmək istəyirəm. Bizim sosial qanunvericilik maliyyə tutumludur, hansı qanuna əl vururuqsa, maliyyə vəsaiti istəyir. Bütün gərginliklərə baxmayaraq, hökumətdən dəstək görürük və maliyyə tutumlu qanunlarımız ayaq açır, xalqımızın rifahına işləyir. Məsələn, o qanunlardan biri “Sosial xidmət haqqında” Qanun idi. Bu qanun qəbul olunandan sonra görürsünüz ki, nə qədər adamlarımıza şərait yaradıldı. Möhtərəm Prezidentimizin imzası ilə daxil olan “Uşaqların məcburi dispanserizasiyası haqqında” Qanun da bu qəbildəndir. Bu gün səhiyyədə dispanserizasiya prosesləri gedir. Bu addımlar maliyyə tutumludur, amma xalqa xidmət edən, xalqın rifahını yaxşılaşdıran addımlardır.
Düşünürəm, gələcəkdə bir məqbul variant tapıb elə etməliyik ki, bütün yük hökumətin, büdcənin üzərinə düşməsin. Sahibkarların da üzərinə yük düşməlidir. Belə qanunlar hazırlayaq, ortaya qoyaq ki, xalqın rifahına işləsin, amma eyni zamanda, büdcəyə yük olmasın, ona gərginlik yaratmasın. Biz bu haqda, əlbəttə, düşünürük, belə qanunları ortaya qoyacağıq.
Bir şeyi də deyim ki, sosial sahədə islahat aparmaq qalan sahələrdə bu işi görməkdən qat-qat çətindir. Çünki bu islahatlar mütləq vətəndaşlarımızın hər birinə toxunur. Mən sevinirəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu proses başlayıb, çox uğurlu addımlar atılır və bəzi neqativ hallar, çatışmazlıqlar aradan götürülür. Bu da son nəticədə xalqın hökumətə, dövlətə olan inamını artırır. Mən bu yolda hökumətə uğurlar arzu edir və parlamentin daim onun yanında olduğunu bir daha vurğulamaq istəyirəm.
Oqtay müəllim, səhiyyə bizim bütün göstəricilərimizin gözüdür. Son 10 ildə Azərbaycanda təbii artım hər min nəfərə 7,9-dan 18,6-ya çatıb. Təbii artım çoxalıb, uşaq ölümü aradan qaldırılıb. Səhiyyədə bu gün görülən işlər göz önündədir. Maddi-texniki baza yüksəlibdir. Sağlamlığın qorunması ilə əlaqədar çox böyük işlər görülüb. Səhiyyəyə büdcədən ayrılan vəsait 2003-cü ildə 82 milyon idisə, indi 669 milyondur.
Buna baxmayaraq, mən bir neçə məsələyə diqqəti yönəltmək istəyirəm. Hökumətin bu sahədə işi canlanmalıdır. Mən sevinirəm ki, bu sahəyə indi bizim çox hörmətli deputat həmkarımız cənab Əli Əhmədov  rəhbərlik edir. Təsəvvür edin, tibbi sığorta ilə bağlı qanun 1999-cu ildə qəbul olunubdur. Bu başıbəlalı qanun bu günə qədər işləmir. 2007-ci il dekabrın 27-də möhtərəm Prezidentimiz xüsusi sərəncam imzalayıb. Bu sərəncamla bağlı xüsusi agentlik yaranmalı, xüsusi əsasnamə tərtib olunub hökumətə təqdim edilməli idi. Bu günə qədər heç bir iş görülməyib. Nə agentlik yaranıb, nə də hökumətə əsasnamə verilib.
Əgər biz bu qanunu qəbul etmişiksə, möhtərəm Prezidentimizin sərəncamı varsa, bu sahəyə diqqət yetirilməlidir. Kimə də nə deyirsən, deyir ki, çox ağır məsələdir. Hansı məsələmiz ağır deyil? Məgər yol çəkmək ağır deyil, körpü salmaq ağır deyil, görülən başqa işlər ağır deyil? Ölkəmizdə gərgin məsələlərin öhdəsindən gələ bilirik. Möhtərəm Prezidentimiz tibbi sığortanın tətbiqinə hətta bir neçə il büdcədən vəsait də ayırdı. Mən düşünürəm ki, biz hamılıqla – həm deputatlar, həm də hökumət tibbi sığortanın tətbiqinə nail olmalıyıq.
Mən hesabatı bütövlükdə məqbul hesab edirəm. Hökumətimizin 2013-cü ildə gördüyü işlər təqdirəlayiqdir. Mən hökumətimizə gələcək fəaliyyətində də uğurlar diləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Mən də hökumətin 2013-cü ildə fəaliyyəti haqqında hesabatını qənaətbəxş hesab edirəm və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Qeyd etmək istəyirəm ki, 2013-cü il, doğrudan da, həssas il olub. Dünyanın istənilən ölkəsində seçki ili digərlərindən bir az daha qaynar, daha gur olur. Lakin buna baxmayaraq, hökumət qarşıya qoyulan vəzifələri uğurla həyata keçirib və bunun nəticəsi olaraq xalqımız cənab Prezidentin apardığı iqtisadi və siyasi islahatları, beynəlxalq aləmdə gördüyü işləri düzgün qiymətləndirmiş və 85 faizdən artıq seçici cənab Prezidentə səs vermişdir.  Prezident seçkilərinə kənardan qarışıqlıq salmaq, təxribat yaratmaq istəyən qüvvələr var idisə də, Azərbaycan xalqının yekdilliyi bunun qarşısını aldı.
Burada həm məruzədə, həm də çıxışların hər birində görülən işlər haqqında danışıldı. Doğrudan da, kifayət qədər məktəblər, xəstəxanalar,  körpülər, ötürücülər tikilib, yollar çəkilib və bu proses bu gün də davam edir. Dünyada baş verən hadisələr, proseslər, qarışıqlıqlar ölkəmizdə gedən proseslərə öz təsirini göstərə bilməyibdir. Azərbaycanda, demək olar ki, bütün sahələrdə ciddi islahatlar gedir. Elə təkcə keçən il cənab Prezident  ən azı yüzlərlə məktəb, bağça, park, bağ, xəstəxana, sənaye müəssisələri və texnoparkların açılışında iştirak edibdir. Bu istiqamətdə işlər davam etdirilir və mən əminəm ki, hökumət gələcəkdə də bunları daha geniş şəkildə həyata keçirəcək.
Mən bir  neçə məsələyə toxunmaq istəyirəm. Bilirsiniz, insanlar hüquqi cəhətdən savadlandıqca hökumət yavaş-yavaş bəzi məsələləri artıq öz üzərindən götürməlidir. Məsələn, ən qüdrətli dövlətlərdən biri və bəlkə də birincisi olan Amerika Birləşmiş Ştatlarında təbii fəlakətlər olanda hökumət heç kəsə gedib ev tikmir, heç kəsə kompensasiya vermir, sadəcə, soruşur ki, sən əmlakını sığortalamısan, ya yox? Əgər sığortalayıbsa, bu məsələ avtomatik öz həllini tapır. Düzdür, biz hələ gənc dövlətik və bizim insanlar sığorta sisteminə o qədər də alışmayıblar. Amma biz bu sistemə getməliyik.
Məsələn, dünən “Sahil” metrosunun üstündə böyük bir ticarət mərkəzi yandı. Xeyli vətəndaşımız orada ziyan çəkdi. Nə sığortası var, nə də bir başqa sənədi. Eləsi var, kredit götürüb, mal alıb gətirib. Ona başa salan yoxdur ki, hər cür hadisə baş verə bilər, sən o malı Azərbaycana çatan kimi sığortalamalısan. Əmlakın sığortalanması məsələsi ciddi məsələdir. Mən hesab edirəm ki, bu olmadıqca çətinlik olacaq. Düzdür, hökumətimiz Kürün daşmasından ziyan çəkənlərin hər birinə onların əvvəlki evlərindən qat-qat yaxşı evlər tikdi verdi, məktəblər tikdi. Zaqatalada baş verən zəlzələdən ziyan çəkən insanlara evlər tikildi, təbii fəlakət zonası məktəblərlə, bağçalarla, xəstəxanalarla təmin olundu. Amma bununla yanaşı, bu formanı biz yavaş-yavaş cəmiyyətə, insanlara çatdırmalıyıq və bu məsələ öz həllini tapmalıdır.
İndi burada qeyd olundu ki, bu il sənaye ilidir. Mən hesab edirəm ki, ölkəmizdə neft məhsullarının istehsalı və ağır sənaye ilə yanaşı, yüngül sənayeyə də ciddi fikir verilməlidir. Bu gün Azərbaycana corab da, mayka da, bu qəbildən olan digər əşyalar da ya İrandan, ya Türkiyədən, ya da Çindən gətirilir. Hökumətin hesabatında göstərilir ki, xırdabuynuzlu mal-qaranın da sayı artıb və indi kifayət qədər çoxdur. Ölkəmizin kifayət qədər imkanı var ki, pambıq,  yun, dəri istehsalını inkişaf etdirsin, bunun nəticəsində həm yeni iş yerləri açılsın, həm də Azərbaycan heç bir dövlətdən  asılı olmayaraq bunları özü istehsal etsin və əhalisini yüngül sənaye malları ilə təmin etsin. Mən hesab edirəm ki, bu mütləq lazımdır, vacibdir, zəruridir.
Digər bir məsələ sənədləşdirilməmiş, havada qalan evlərlə bağlıdır.  Vətəndaş qalıb küçədə, bilmir kimin qapısına getsin. Evi tikən təşkilatı axtara-axtara gedib çıxır bir qaçqının adına yazılmış kiçik bir firmaya. Məlum olur ki, bu firmanın özünün də heç nədən xəbəri yoxdur. Kim isə evi tikib, verib camaata, pulunu yığıb, çıxıb gedib. Vətəndaşlar qalıb pis vəziyyətdə. Binalar var ki, təhvil verilməyib və ona görə də onları qaz ilə  təmin etmək mümkün deyil. Onlarda partlayış baş verə, yanğın ola bilər və sair. Artıq Mənzil Məcəlləsi də qəbul etmişik. Bunlara ciddi nəzarət olunmalıdır ki, vətəndaşlarımız bu məsələdə əziyyət çəkməsinlər.
Hərbi hissələrlə bağlı mənim bir təklifim var. Təklifim ondan ibarətdir ki, ön xətdə qulluq edən zabitlərlə arxada xidmət göstərən zabitlər arasında əhəmiyyətli fərq qoyulsun. Düzdür, fərq var, amma cüzidir. Birincilərin həm ezamiyyə xərcləri, həm yaşayış vəziyyəti, həm mənzillə təmin olunması, həm də həyat yoldaşları və övladlarının müvafiq olaraq işlə təmin olunması və təhsil alması elə səviyyədə olmalıdır ki, hər bir zabit orada xidmət etməyə can atsın. Hesab edirəm ki, bu, doğrudan da, ciddi məsələdir. Elə insan var ki, 3 ildir, 5 ildir, 6 ildir ön cəbhədə fasiləsiz xidmət göstərir. Bu, nəzərə alınmalı və digəri ilə bunun arasında fərq qoyulmalıdır.
Mən bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Xüsusilə  son vaxtlar hansısa dini qurumlara qoşulan, xaricdə müxtəlif silahlı münaqişə və müharibələrdə iştirak etmək üçün Azərbaycandan kənara gedən gənclərimizin sayı artıb. İndi biz terrorçuluğa qarşı mübarizədə müvafiq qanunları sərtləşdirməklə bunun qarşısını almaq üçün addım atırıq. Amma o insanların arasında ilk növbədə bir maarifləndirmə işi getməlidir. Bir  yoxlanılmalıdır ki, bu adamlar kimlərdir. Bizim Qarabağ boyda problemimiz ola-ola, bu boyda məsələlər qala-qala kim isə cənnətə düşməkdən ötrü buradan gedib vətəndən uzaqlarda, kənarda vuruşur və hansı ağılla, hansı ideologiya ilə geri dönəcəyi də hələ bəlli deyil. O baxımdan bu qurumlara qarşı da mən hesab edirəm, hökumətin siyasətində ciddi bir istiqamət olmalıdır ki, bu halların qarşısı alınsın. Bu gənclər hansı dövlətlərin ərazisindən keçirsə, o dövlətlərlə əlaqə qurulmalı və buna maksimum dərəcədə imkan verilməməlidir. Hesab edirəm ki, bu vacib məsələdir və bunu da hökumət gələcək fəaliyyətində nəzərə almalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu gün regionların sosial-iqtisadi inkişafı ilə bağlı çox ciddi işlər gedir. Bizim rayon mərkəzlərimiz, kəndlərimiz abadlaşır. Elə Naxçıvan Muxtar Respublikasında 2013-cü ildə görülən işlərə nəzər salsaq görərik ki, blokada şəraitində olan Naxçıvan Muxtar Respublikasında nə qədər abadlıq işləri görülüb, nə qədər böyük quruculuq işləri aparılıbdır. Rayon başçılarını indi təcrübə mübadiləsi üçün xaricə göndərirlər. Hesab edirəm ki, bizim rayonlar arasında da belə bir təcrübə mübadiləsi aparmaq olar. Təklif edirəm, daxildə də bu mübadilə aparılsın və rayon icra başçıları bir-birlərindən də nə isə öyrənsinlər.
Bir şey də hamını çox ciddi narahat edir. Hansısa bir rayona yeni icra başçısı təyin olunanda gəlib əvvəlki başçının saldığı parkı, yaxud  istirahət mərkəzini söküb təzədən qurmaq lazım deyil. Əgər bəyənmirsənsə, ondan gözəlini, ondan yaraşıqlısını sal, ondan abadını düzəlt. Bu işlərə ölkənin milyonlarla manat vəsaiti gedir, pul qoyulub, xərc çəkilib. Qonşu küçə bərbad vəziyyətdədir, o küçəyə əl gəzdirmək əvəzinə özündən əvvəlki  başçının elədiklərini söküb qoyur yerə və təzədən başlayır onun ikiqat  bahasına  guya təmir, abadlıq işləri aparmağa, yeni açılış edir və sairə. Rayonlarda abadlaşdırılmalı kifayət qədər yer var, onları abadlaşdırmaq olar. Hesab edirəm ki, hökumət, Maliyyə Nazirliyi buna ciddi şəkildə nəzarət etməlidir. Dövlətin  qoyduğu vəsaiti havaya sovurmasınlar. Tikilən hər bir şey, yaradılan abadlıq xalqın sərvətidir. Bunlar kiminsə arzusu və istəyinə qurban gedə bilməz. Bu baxımdan  mən hesab edirəm ki, gələcəkdə bu məsələ də nəzərə alınmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Leyla Abdullayeva.
L.Abdullayeva. Təşəkkür edirəm.  Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və həmkarlar! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ilin yekunları ilə bağlı təqdim etdiyi hesabat Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə ölkədə gedən dinamik inkişafı açıq və bariz şəkildə göstərməkdədir. Hesabat bizə dəqiq rəqəmlər, faktlar vasitəsilə respublikamızda gedən quruculuq işlərini nümayiş etdirir. Hesabatın ayrı-ayrı bölmələrinin təhlili hər bir sahədə islahatların getdiyini, ən yüksək nailiyyət və standartların hədəf kimi götürüldüyünü aydın şəkildə bizə çatdırır.  
Hesabat kifayət qədər yüksək səviyyədə hazırlanmışdır. Millət vəkilləri tərəfindən qaldırılmış məsələlərin hansı səviyyədə həll olunduğu burada öz əksini tapmışdır. Vurğulamaq istərdim ki, hökumətin öncəki hesabatı zamanı Sumqayıtla bağlı qaldırdığım məsələ öz həllini tapmışdır. Bu qeyd bizə təqdim edilmiş hesabatın müvafiq bölməsində də yer almışdır. Sumqayıtda qəza vəziyyətində olan yataqxana ilə bağlı hörmətli Baş nazirimiz Artur müəllimin, Baş nazirin müavini Abid müəllimin qəbulunda da olmuşdum. İndi mən buradan borc bilirəm ki, ilk növbədə cənab Prezidentə, hökumətimizə bu problemin müsbət həlli ilə bağlı həm öz adımdan, həm də Sumqayıt seçiciləri adından təşəkkürümü bildirim.
Bundan başqa bir problem də müsbət həllini tapmaqdadır. Söhbət Sumqayıt–Bakı yolunda olan tıxaclardan gedir. Bu günlərdə məlum oldu ki, Nəqliyyat Nazirliyi Biləcəri istiqamətində tədbirlərə başlamışdır. Mövcud yol ötürücüsünün yanında daha bir aşırımlı yol ötürücüsü tikilməkdədir. Eyni zamanda, Bakıdan həm Şimal istiqamətində, həm də əks istiqamətdə avtomobillərin sıxlığını aradan qaldırmaq üçün yeni yolun tikintisi də həyata keçirilir. Söhbət Xırdalan dairəsindən başlayaraq yeni avtovağzalı keçməklə dairəvi yola birləşəcəyi nəzərdə tutulan yeni yoldan gedir. Bütün bu tədbirlər Azərbaycan vətəndaşlarının ölkə rəhbəri tərəfindən daim diqqət və qayğı ilə əhatə olunduğunun göstəricisidir. 
Hökumətimizin bu hesabatı zamanı da bir məsələyə diqqət yönəltmək istərdim. Bu, büdcə müzakirəsi zamanı da vurğuladığım Stansiya Sumqayıt yaşayış massivində olan bəzi problemlərlə bağlıdır. Bildiyim qədər, Maliyyə Nazirliyi bu yaşayış sahəsinə maliyyə ayrılması məsələsini nəzərdən keçirməkdədir. Mən hörmətli Samir müəllimdən xahiş edərdim ki, bu məsələni diqqət mərkəzində saxlasın. Bu gün Sumqayıtda həmişə olduğu kimi, böyük işlər görülür. Stansiya Sumqayıtda olan problemlərin həllində dövlətin, hökumətin dəstəyinə çox böyük ehtiyac vardır.  Buna görə də hökumət üzvlərindən xahiş edirəm ki, orada olan yol problemini, nəqliyyatda olan çatışmazlıqları nəzərə alsın. Tibb müəssisəsinin, əczaxananın açılmasına ehtiyac çoxdur. Qeyd edim ki, 2500-dən çox əhalinin yaşadığı ərazidə bir tibb məntəqəsi belə yoxdur. Stansiya Sumqayıt yaşayış massivinə hər hansı bir statusun verilməsi bəlkə də bu məsələlərin həllini tezləşdirə bilər.
Bildiyimiz kimi, bilavasitə cənab Prezidentin tapşırığı ilə sosial təminat sahəsində islahatlar daha da sürətlənmişdir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi qısa müddət ərzində bir sıra yeniliklər etmiş, açıqlıq, şəffaflıq nazirliyin başlıca iş prinsipinə çevrilmişdir. Bəzi neqativ hallar aradan qaldırılmışdır. Lakin bir məsələ seçicilərin müraciətində də yer alır ki, bu da anadangəlmə əlilliyi olan şəxslərin hər dəfə yenidən, təkrar müayinə olunmasının və əlilliyin yenidən təsdiq edilməsinin tələb olunmasıdır. Mən bu məsələyə hörmətli Səlim müəllimin diqqətini çəkmək istəyirəm. Bu hal bəzən vətəndaşlar arasında haqlı narazılığa səbəb olur.
Bir məsələ də əlil vətəndaşların işlə təminatı ilə bağlıdır. Azərbaycan Respublikasının əmək qanunvericiliyinə görə xüsusi kvota vardır ki, bu kvotaya əsasən iş yerlərində müəyyən faiz iş yerləri məhz belə vətəndaşlarımıza ayrılmalıdır. Amma təəssüf ki, bir çox hallarda  bu tələb nəzərə alınmır. Belə şəxslərin işlə təmin olunması çox çətin olur. Xahiş edirəm ki, bu məsələyə də diqqət artırılsın. Əmək Məcəlləsinin bu müddəasının həyata keçirilməsi çox mühümdür.
Digər məsələ sadə məsələ kimi görünsə də, tez-tez deputat həmkarlarımın da dilindən səslənir. Bu da bankomatlarla bağlıdır. Əlbəttə, anlayırıq ki, özəl bankların öz iş prinsipləri var. Amma təqaüdçü, ahıl şəxslərin təkidli xahişlərini səsləndirmək istəyirəm ki, bəlkə də bu məsələ ilə bağlı müvafiq orqan, məsələn, Maliyyə Nazirliyi və ya Mərkəzi Bank bir qayda müəyyən etsin və müəyyən ərazi daxilində özəl banklar daha çox bankomatlar quraşdırmaq öhdəliyini öz üzərlərinə götürsünlər. Bu xüsusilə təqaüd və məvacib verən banklara aiddir.
Hesabata səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm.  Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri, millət vəkilləri, media mənsubları, xanımlar və cənablar! Mən hər şeydən əvvəl fürsətdən istifadə edib qarşıdan gələn Novruz bayramı münasibətilə hamınızı təbrik edir, işlərinizdə uğurlar arzulayıram.
2013-cü ilin hesabatını əvvəlki bir neçə ilin hesabatı ilə müqayisə edəndə görülən işlərin həm kəmiyyət, həm də keyfiyyət nöqteyi-nəzərindən əhəmiyyətli dərəcədə dinamikası özünü göstərir. Burada çox şey demək olar. Amma 2013-cü ili ilk növbədə Prezident seçkiləri və onun nəticələrindən doğan yeni islahatların anons ili kimi, eyni zamanda XXI əsrin “Şahdəniz-2” adlı yeni layihəsi ili kimi, “ASAN xidmət”in timsalında genişmiqyaslı sosial innovasiyalara start verilən bir il kimi dəyərləndirsək,  hökumətin fəaliyyətini məqbul hesab etmək olar.
Əvvəlki illərlə müqayisədə ümumi daxili məhsulun artımı xeyli dərəcədə yüksəkdir. Təkcə Azərbaycanın öz göstəriciləri yox,  dünyanın və MDB-nin orta hesabla 2 faizlik göstəricisi fonunda da ümumi daxili məhsulun  5,8 faiz artması çox yaxşı göstəricidir. Amma eyni zamanda, bir məqamı qeyd etmək istəyirəm. Azərbaycanda iqtisadi artım sürətlənsə də, əhali də sürətlə artır. Əhali ildə 1,3 faiz artır ki, bu da 120 min nəfər adam deməkdir. Həmin 5,8 faiz artımın 3,9 faizi elə həmin 120 min yeni insanın tələbatının ödənilməsi üçün kifayətdir. Ona görə də əgər cənab Prezidentin qoyduğu vəzifəni – qarşıdakı 10 il ərzində ümumi daxili məhsulu iki dəfə artırmaq vəzifəsini vaxtında yerinə yetirmək istəyiriksə, Azərbaycanda iqtisadi artım 5,8 faiz yox, hər il ən azı 8 faiz olmalıdır. Buna nail olmaq üçün kifayət qədər yaxşı işlənilmiş proqramlar var. Buna nail olmağın  perspektivli yollarından biri regionlarımızın potensialını hərəkətə gətirməkdir.
2013-cü il həm də ikinci regional inkişaf proqramının son ili olduğuna görə çıxışımda regional kontekstdə olan məqamları Şəkinin timsalında qeyd etmək istərdim. Hər bir ölkənin iqtisadi artımının, onun sosial göstəricilərinin  inteqral şəkildə qabarıq verilməsinin ümumiləşdirilmiş nəticəsi ümumi daxili məhsulda öz əksini tapdığı kimi, rayonun da inteqral göstəricisi orada istehsal olunan ümumi məhsuldur. Azərbaycanda ümumi daxili məhsulun artımı sürətlə getsə də, Şəkinin timsalında adambaşına ümumi daxili məhsul 1900 manatdan azdır ki, bu da Azərbaycanın ümumi göstəricisindən 3,3 dəfə aşağıdır. Burada məhsuldan söhbət gedir. Bunu yeni yaradılmış dəyərə çevirib müqayisə etsəm, bu fərq daha da çoxalmış olar.
Yenə də büdcə vəsaitini Azərbaycan əhalisinin sayına böləndə 2 min manatdan artıq büdcə gəliri və büdcə xərcləri alınır. Şəkinin gəlirlərini Şəki əhalisinin sayına böləndə gəlir üzrə 116 manat, mərkəzləşdirilmiş subsidiya, dotasiya veriləndən sonra isə 216 manat alınır. Şəkidə orta aylıq əmək haqqı 238 manatdır ki, bu da Azərbaycanda orta əmək haqqından 1,8 dəfə, Bakıda orta əmək haqqından isə ən azı 2,5 dəfə aşağıdır.  Ona görə də hökumət regionlarda inkişaf imkanlarını səfərbər etməlidir. Mənim fikrimcə, sərmayə qoyuluşlarının artırılması, biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı qarşısında hamımıza məlum olan problemlərin, maneələrin aradan qaldırılması, perspektivli sənaye müəssisələrinin,  layiqli maaşı olan iş yerlərinin açılması, kənd təsərrüfatında iri təsərrüfatların, qabaqcıl texnologiyaya əsaslanan istehsal və istehlak kooperativlərinin yaradılması istiqamətində addımlar atmaqla mərkəzlə regionlar arasında qeyd etdiyim həmin fərqi orta perspektivdə aradan qaldırmaq olar.
Rəqəmlər açıq-aydın göstərir ki, bu sahədə görülməli işlər çoxdur. Bu istiqamətdə iki sahəni xüsusi qeyd etmək istəyirəm. Birinci sahə yüngül sənayenin, ikinci sahə isə  yeyinti sənayesinin inkişaf etdirilməsidir. Azərbaycanda yerli istehsal hesabına ildə adambaşına 265 manatlıq, ayda 22 manatlıq, gündə 70 qəpiklik qida məhsulu istehsal olunur. Bu, mürəkkəb texnologiya deyil ki, uzun illər mənimsənilməsinə imkan olmasın. Nə vaxtadək biz özgənin yağını, pendirini, xamasını reklam edəcəyik? Hamısını öz ərazimizdə istehsal edib hələ xaricə də  xeyli məhsul göndərə bilərik. Bundan ötrü ölkəmizin regionlarında kifayət qədər imkan var.
Hesabatı qiymətləndirən zaman yeni bir  yanaşmadan istifadə etmək lazımdır. Məsələn, yenə də Şəkinin timsalında mən qeyd edirəm ki, körpü kompleksinin tikilməsi, şəhər  küçələrinin asfaltlanması, kənd yollarının asfaltlanması, sosial infrastruktur sahəsində xeyli iş görülüb. Bir ilin ərzində 7 məktəb tikilib və təmir olunub. Dövlət vəsaiti hesabına 4 bağça təmir olunub. Bir neçə il qabaqkı hesabatı qaldıraq, baxaq görək ki, Azərbaycan əhalisinin üçdə biri yaşayan Bakı şəhərində bir ilin ərzində heç bu qədər məktəb tikilibmi? Bunu qiymətləndirməmək mümkün deyil. Ona görə də həm Nazirlər Kabinetinin rəhbərliyinin, bu sahədə kuratorluq edən müavinin, həm də bu istiqamətdə nazirliklərin işini məqbul hesab edirik.
Amma çox təəssüflər olsun ki, ayrı-ayrı qurumların fəaliyyəti haqqında eyni sözləri deyə bilməyəcəyəm. Mən burada dəfələrlə məsələ qaldırmış, diqqətə çatdırmışam ki, Şəki kəndlərinin qazlaşdırılması Azərbaycanın qazlaşdırılmasından üç dəfə, bütün Azərbaycan kəndlərinin qazlaşdırılmasından isə iki dəfə aşağı səviyyədədir.   Yəni qazlaşdırma 27 faiz səviyyəsindədir.
Mənim qaldırdığım bu məsələ ilə bağlı ötən ilin hesabatında bilavasitə Milli Məclis qarşısında söz verilmişdi ki, Şəkinin 50 kəndi qazlaşdırılacaq. Şəkinin 50 kəndinin qazlaşdırılmasına söz verən təşkilat Şəki şəhərinin bir neçə küçəsini, iki kəndi və bir qəsəbəni qazlaşdırıbdır. Bu da verilən sözün 6 faizi deməkdir. Ona görə də hökumətin, o cümlədən burada sadaladığım nazirliklərin fəaliyyətini məqbul hesab etməklə yanaşı, “Azəriqaz”ın və bu işdə günahı olan insanların fəaliyyətini qeyri-məqbul hesab edirəm. Niyə verilən söz yalnız 6 faiz yerinə yetirilib? Bu, məmurların Şəkiyə olan sayğısızlığıdır. Niyə belə olub – lazımi vəsait ayrılmayıb, yoxsa biganəlik göstərilib, verilən söz yerinə yetirilməyib? Bu istiqamətdə də deputat sorğusunu verməyi özümə vacib hesab edirəm.
Azərbaycanda 2 milyona yaxın insanın ya mənzilə, ya da mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı var. İpoteka sahəsində gözəl işlər görülür, amma ipotekanın buna gücü çatmaz. Ona görə də mən bu ehtiyacın ödənilməsi üçün ucuz xalq evlərinin tikilməsi istiqamətində hökumətin fəaliyyətinin artırılmasını vacib hesab edirəm.
Müavinətlər artırılıb, təşəkkür edirəm.  Amma müavinətlər yenə də aşağıdır, xüsusən əlillərin müavinətinin artırılması istiqamətində hökuməti addım atmağa dəvət edirəm.
Hökumətin fəaliyyətini mən məqbul hesab edirəm və hesabata səs verəcəyəm. Deputat həmkarlarımı da ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.  Musa Qasımlı.
M.Qasımlı. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Hökumətin hesabatını məqbul hesab edirəm. Ona müsbət səs verəcəyəm. Fikrimcə, hökumətimiz ötən il heç bir iş görməsəydi belə, yalnız bir işə – kosmosa kommunikasiya peykimizi buraxdığına və dövlətimizi kosmos klubu üzvü etdiyinə görə onun fəaliyyətini müsbət qiymətləndirmək olardı. Bu çox strateji bir məsələdir və 2013-cü il tariximizdə daim qalacaq bir il olacaqdır.
Hesabat ilində Prezident İlham Əliyevin rəhbərliyi altında ölkə vətəndaşının bu gün dünənkindən, sabah isə bugünkündən daha yaxşı yaşaması üçün yürüdülən bir siyasətin – ölkəmizin ən ucqar kəndlərində belə vətəndaşın rahatlığı, rifah halının yaxşılaşdırılması üçün həyata keçirilən işlərin, asfalt yolların tikintisinin, müasir avadanlıqlarla təchiz edilmiş məktəb binalarının inşasının, təbii qaz, içməli su boru kəmərlərinin çəkilməsinin, məcburi köçkünlərin yeni mənzillərə yerləşdirilməsinin, əlverişli infrastrukturun yaradılmasının, sosial-iqtisadi islahatların dərinləşdirilməsinin, eləcə də ordunun gücləndirilməsinin və transmilli enerji layihəsinin imzalanmasının şahidi olduq. Bunlar qürurverici işlər idi. Ötən il elm və təhsil sahəsində aparılan islahatları da müsbət hesab edirəm.
Bununla belə, hökumətimizin diqqətini vacib hesab etdiyim bəzi məsələlərə yönəltmək, onların həlli yolları barədə ilkin mülahizələrimi bildirmək istəyirəm. Birincisi, Azərbaycan vətəndaşlarının xaricdə təhsil alması barədə. Yaxşı olardı ki, gənclərimiz  təhsilin bakalavr  pilləsini ölkəmizdə, magistratura hissəsini isə xaricdə alsınlar. Bunun nəticəsində Azərbaycan elmi xaricə daha yaxşı çıxar və ölkəmiz söyləmək istəmədiyim və müvafiq dövlət qurumlarımızın daha yaxşı bildiyi bir sıra xoşagəlməzliklərdən xilas olar.
Hazırda minlərlə azərbaycanlı gənc qəbul imtahanı vermədən ailə büdcəsi hesabına Rusiya, Ukrayna, Gürcüstan və digər ölkələrin bir çox hallarda aşağı səviyyəli universitetlərinin akkreditasiyadan keçməyən fakültələrində təhsil alır.  Onların çoxu 4 illik təhsil müddəti əvəzinə 5, bəzən də 8 il təhsil alır, bəziləri heç universiteti bitirə bilmirlər. Nəticədə  Azərbaycan haqqında mənfi rəy yaranır, Azərbaycan vətəndaşının pulu xarici ölkələrə gedir. Valideynlər qonum-qonşuya, qohum-əqrəbaya övladının xaricdə təhsil aldığını deyir, təhsil alanlar isə ölkəyə gəldikdə  dövlətə tamam başqa bir münasibət bəsləyirlər.
Azərbaycan azad bir ölkədir, vətəndaşın istənilən ölkəyə gedib təhsil almasını qadağan etmək mümkün deyil. Deməli, biz alternativlər barədə düşünməliyik. Bu alternativlər nə ola bilər? Bütün maliyyə, kadr, texniki  və digər məsələlərlə bağlı çətinliklərə baxmayaraq, 3 şəhərdən birində –  Şirvan, Şamaxı və ya Qubada, eləcə də Mingəçevir və Qazaxda universitetlərin açılmasını mən faydalı  hesab edirəm. Xüsusən Dağıstan və Gürcüstanda yaşayan azərbaycanlıların olduğunu nəzərə alsaq, bunun strateji əhəmiyyət daşıdığı göz önündədir. Fikrimcə, çoxlu çətinlikləri olsa da bunun zamanı gəlib çatıb.
Mən ali təhsil sistemimizə və elmimizə sağlam rəqabətin gətirilməsinə ehtiyac duyulduğu qənaətindəyəm. Bir zamanlar büdcəmizdə pul yox idi, indi büdcəmizə pul gəlib. Bu pulu gətirən insanlar var və belə bir şəraitdə büdcənin ağzını açıb paylamaq yanlış olardı. Bunu səmərəli etməkdən ötrü nə lazımdır? Fikrimcə, sağlam rəqabət ilk növbədə əməyin qiymətləndirilməsinə gəlməlidir. Professor-müəllim heyətinin əməyinin yekunda bərabər qiymətləndirilməsi sosializm qalığı olduğundan, biz isə artıq yeni bir sistemdə yaşadığımızdan köhnə ödənmə sistemindən imtina edilməsi və qabaqcıl ölkələrdə tətbiq edilən məlum sistemin ölkəmizdə də tətbiq edilməsi təhsilimizi və elmimizi inkişaf etdirər. Biz buna getməsək, elm və təhsilimizdə ciddi keyfiyyət dəyişikliklərinə nail ola bilməyəcəyik.
Ölkəmizdə müasir avadanlıqlarla təchiz edilmiş məktəblər tikilib istifadəyə verilib. Lakin fikrimcə, təhsilimizdə kadrları seçib yerləşdirmək və dərslərin keyfiyyətini artırmaq, təhsil sistemini təsadüfi adamlardan təmizləmək və kənd məktəblərini müəllim kadrları ilə təmin etmək üçün səmərəli üsullardan istifadə etməyin zamanı gəlib çatıb. Kənd məktəblərimizin müəllimlərlə təmin edilməsi ən vacib məsələlərdən biridir və mən hökumətimizin diqqətini buna yönəltmək istəyirəm.
Ermənistan tərəfindən blokadada olan Naxçıvanın blokadasının aradan qaldırılması istiqamətində çox geniş, bəlkə də bəzilərimizin bütün dərinliyi ilə dərk edə bilmədiyimiz strateji addım atılmalıdır. Bu, Qars–İqdır–Naxçıvan dəmir yolunun tikilməsi və dövlətlərarası məsələlərin tənzimləməsi əsasında oradan da Fars körfəzinə çıxışın əldə olunmasıdır. Mən hökumətin bu məsələyə diqqət yetirməsini xahiş edərdim. Bu, Azərbaycanı və Naxçıvanı gələcəkdə böyük problemlərdən qurtara və Naxçıvanı dünyanın mərkəzlərindən birinə çevirə bilər.
Mən Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafına, yeni iş yerlərinin açılmasına xüsusi diqqət yetirdiyi üçün Prezident cənab İlham Əliyevə seçicilərimiz adından təşəkkür edirəm. Sumqayıtın siması günü-gündən dəyişir. Fikrimcə, böyük maliyyə yükü daşımasına və digər çətinliklərə baxmayaraq, Sumqayıt şəhərində yataqxanaların tədricən ləğv edilməsi, onlarda yaşayanların hər hansı bir formada mənzillərlə təmin olunması barədə uzunmüddətli hökumət proqramının qəbul edilməsi fayda verər. Müvafiq dövlət orqanlarımızın rast gəldikləri və burada söyləmək istəmədiyim narahatlıqlar azalar və ya aradan qalxar.
Sonda bir daha bildirirəm ki, hökumətimizin hesabatına müsbət səs verəcəyəm və millət vəkillərini də buna dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov buyursun.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri! 2013-cü ildə dünya iqtisadiyyatında artım 2,1 faiz olduğu halda Azərbaycanda 5,8 faiz olmuşdur. Son 10 ildə ümumi daxili məhsulun 3,2 dəfə, qeyri-neft sektorunun 2,6 dəfə, investisiyaların 2,4 dəfə artması, ölkədə makroiqtisadi stabilliyin qorunub saxlanması, iqtisadiyyatın şaxələndirilməsi,  regionların iqtisadi inkişafı Prezidentin rəhbərliyi altında Azərbaycan hökumətinin apardığı siyasətin nəticəsində əldə edilmişdir. Məhz  bunlar nəzərə alınaraq Azərbaycanın kredit reytinqi beynəlxalq reytinq agentlikləri tərəfindən sabit qiymətləndirilmişdir.
2013-cü ildə dünya iqtisadiyyatında sabitləşmə baş versə də, təlatümlü siyasi proseslər iqtisadiyyata öz mənfi təsirini göstərmişdir. Azərbaycan da burada istisna deyil. Dünya iqtisadiyyatına inteqrasiya edən bir dövlət kimi ölkənin əsas ixrac potensialı olan neft hasilatının aşağı düşməsini nəzərə alaraq yaxın illərdə biz iqtisadiyyatda, əsasən, neqativ halların aradan qaldırılmasına, kölgə iqtisadiyyatının azaldılmasına, maliyyə nizam-intizamının möhkəmləndirilməsinə və ciddi  struktur islahatlarının aparılmasına nail olmalıyıq.
Bütün bunları nəzərə alaraq mən bir neçə məsələyə toxunmaq istərdim. 2013-cü il Azərbaycanda cənab Prezident tərəfindən sənaye ili elan edilmişdir. İki gün bundan qabaq cənab Prezident bununla əlaqədar tədbirlər planını təsdiq etmişdir. Qeyri-neft sektorunun əsas qolu olan sənayenin inkişafında müəyyən işlər görülüb. Sumqayıtda, Bakıda texnoparklar yaradılıb. Məhz bunlara görə 2013-cü ildə qeyri-neft sektorunun inkişafında 10 faiz artım olub.
Bütün bunlara baxmayaraq, mən bu gün üçün Azərbaycanda ən ciddi problem olan işsizlik problemini nəzərə çatdırmaq istərdim. Artıq “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” təsdiq edilib. Regionlarda bir sıra infrastruktur layihələri böyük məbləğlər qoyulmaqla həyata keçirilir. Ancaq biz əhalinin işlə təmin olunması məsələsini hələ də həll edə bilməmişik. Məsələn, Quba–Xaçmaz iqtisadi zonasında bu problem çox ciddi olaraq qalır. Düzdür, emal müəssisələri var və onlar özəlləşdirilib, amma işləmir. Bir neçə dəfə bu məsələyə mən Milli Məclisin iclaslarında toxunmuşam. Yeni müəssisələr də yaradılmır. Kənd yerlərində, ümumiyyətlə, insanlar işsiz vəziyyətdədir. Ona görə də mən belə hesab edirəm ki, Azərbaycan hökuməti xüsusilə regionlarda, kənd yerlərində iş yerlərinin açılmasına daha çox diqqət yetirməlidir.
Azərbaycan müharibə şəraitində olan bir ölkə olduğu üçün ərzaq təhlükəsizliyinin təmin edilməsi əsas məsələlərdən biridir. Ölkə başçısı cənab İlham Əliyevin bu məsələyə çox böyük diqqət yetirməsi göz qabağındadır. Bununla əlaqədar olaraq müxtəlif proqramlar təsdiq edilmişdir. Amma mən burada iki məsələyə diqqət yetirmək istəyirəm. Əsas və ən birinci ərzaq məhsulu ərzaq buğdasıdır. Biz özümüzü bu günə qədər ərzaq buğdası ilə təmin edə bilmirik. Nəinki təmin edə bilmirik, hətta idxalını, demək olar ki, ilbəil artırırıq. Əgər əvvəlki illərdə Azərbaycana 500 min tona yaxın buğda idxal olunurdusa, son illər bu rəqəm artıq 1 milyon tona çatdırılıb. Azərbaycanda bir hektardan orta hesabla 20–25 sentner taxıl götürülür. Bu çox azdır. Düzdür, son vaxtlar bu istiqamətdə müəyyən işlər görülüb. Ağcabədi, Beyləqan rayonlarında iki fermer təsərrüfatı yaradılıb və burada hər hektardan 50–51 sentner taxıl götürülüb. Mən belə hesab edirəm ki, Azərbaycanın taxıl təminatını təşkil etmək üçün məhz belə yeni fermer təsərrüfatlarının yaradılmasına çox böyük ehtiyac var.
Ən ciddi məsələlərdən biri də geni dəyişdirilmiş məhsulların Azərbaycana idxalıdır. Son vaxtlar Azərbaycana idxal olunan məhsulların içində geni dəyişdirilmiş məhsullar çox böyük faiz təşkil edir. Bu məhsulların Azərbaycana idxalı bizdə həm istehlakçıların sağlamlıqları, həm də Azərbaycanda istehsal olunan məhsulların satışı üçün çox ciddi problem yaradır. Azərbaycan hələlik Ümumdünya Ticarət Təşkilatına daxil olmayıb. Amma biz o təşkilata daxil olmağa hazırlaşırıq. Ora daxil olandan sonra bu problemi həll etmək çox çətin olacaq. Ona görə də mən istərdim ki, Azərbaycan hökuməti bu məsələyə də diqqət yetirsin.
2013-cü ildə Azərbaycan iqtisadiyyatına ümumi kapitalın təxminən 73 faizi qeyri-neft sektoruna qoyulub. Bu da qeyri-neft sektorunda daxilolmaların məbləğini müəyyən qədər artırıb. Dövlət büdcəsinə daxilolmalar 14 faiz artıb. Bu çox müsbət haldır. Amma biz ticarət balansına nəzər yetirək. Azərbaycanın ticarət balansında ixracın 93 faizini neft və neft məhsulları, o cümlədən qaz təşkil edir. Ona görə də Azərbaycanda qeyri-neft sektorunun inkişafı dedikdə biz onun, əsasən, struktur inkişafına diqqət yetirməliyik. İstər sənayedə, istərsə də kənd təsərrüfatında elə məhsulların istehsalına nail olmalıyıq ki, onların arasında ixrac yönümlü məhsulların sayı çox olsun.
Makroiqtisadi dayanıqlığın təmin edilməsində əsas rol oynayan pul-kredit siyasətini Azərbaycanda həyata keçirən Mərkəzi Bank 2013-cü ildə də manatın məzənnəsinin qorunub saxlanması, inflyasiyanın birrəqəmli olması və maliyyə sabitliyinin qorunmasında mühüm rol oynamışdır. Amma çox təəssüf ki, Milli Məclisin iclaslarında bizim mütəmadi olaraq qaldırdığımız bir sıra məsələlərə Mərkəzi Bank tərəfindən lazımi reaksiya verilməmişdir. Mən, əsasən, Mərkəzi Bank tərəfindən kredit faizlərinin aşağı salınması, o cümlədən ipoteka kreditləri ilə əlaqədar müəyyən şərtlərin yüngülləşdirilməsi ilə əlaqədar məsələləri nəzərdə tuturam. Bu məsələlər Milli Məclisin həm plenar, həm də komitə iclaslarında mütəmadi olaraq qaldırılıb. Amma hələ öz həllini tapmayıb. Baxmayaraq ki, sığortalanan əmanətlərin faiz dərəcəsi 12 faiz etsə də, son vaxtlar Mərkəzi Bank tərəfindən 10 faizə endirilib. Hesab edirəm ki, Azərbaycan hökuməti  Mərkəzi Bankla birlikdə bu məsələlərə diqqət yetirməlidir.
Bir məsələyə də toxunmaq istəyirəm. 2013-cü ildə cənab Prezident Quba rayonunda olarkən bir sıra məsələlərin həlli, o cümlədən Qubada beynəlxalq aeroportun tikilməsi, Quba–Qonaqkənd–Şamaxı strateji yolunun çəkilməsi, Quba xəstəxanasının tikilməsi ilə əlaqədar sərəncamlar vermişdi. Bu işlər artıq başlanıb və həyata keçirilir. Buna görə mən Quba camaatı adından cənab Prezidentə öz dərin minnətdarlığımı bildirir və Azərbaycan hökumətinə, bu işlə məşğul olan nazirlərə bir daha təşəkkür etmək istəyirəm.
Burada bayaq yoldaşlardan biri çıxış edəndə Azərbaycanda və ümumiyyətlə, dünyada gedən siyasi proseslərə toxundu. Əlbəttə, Ukraynada gedən siyasi proseslər bizi narahat edir. Amma Azərbaycan hökumətinin, dövlətinin apardığı siyasət tamamilə düzgündür. Mən o siyasəti qəbul edirəm. Çünki Ukrayna və Rusiya iki qonşu, dost dövlətdir və bu məsələlərin axırını gözləmək lazımdır. Yəni burada problemlərin hansı səviyyədə həll olunacağının, necə qurtaracağının hələlik heç kim  proqnozunu verə bilməz.
Azərbaycan hökumətinin 2013-cü ildə fəaliyyətini ümumən uğurlu hesab etmək olar və mən Azərbaycan hökumətinin hesabatını məqbul hesab edirəm.
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri! Mən 2013-cü ildə hökumətin fəaliyyətinin ən uğurlu məqamlarından biri kimi hörmətli Artur Rasizadənin insanpərvərliyinin, alicənablığının ötən il də şahidi olduğumuzu xüsusi vurğulamaq istəyirəm. Çünki əgər biz bütün işlərin, seçilmiş kursun, hansısa proqramın yerinə yetirilməsinin həm də insani münasibətlərdən və iki mühüm hakimiyyət qolunun münasibətlərindən asılı olduğunu qeyd eləyiriksə, onu da deməliyik ki, Artur müəllimin bir Baş nazir kimi qapısı parlament üzvlərinə və deməli, onlar tərəfindən qaldırılan məsələlərə yenə də açıq olub və bu məsələlərin icraya yönəlməsi üçün də gərəkən tədbirlər görülüb. Biz, ümumən, tənqidi məqamları qabartmağa meylliyik. Amma yaxşı məqamları da xüsusi olaraq vurğulamalıyıq.
Əgər biz bütövlükdə 2013-cü ilin uğurlu hadisələrini sıralamalı olsaq, mən onları belə görərdim. Ötən il Bakı–Novorosiysk kəmərinin neft nəqlini dayandırması ilə başlandı. Azərbaycan, nəhayət, öz vəsaitlərini qorumaq istədi və düzgün tədbir görüldü. Bilirəm ki, bu yöndə çox ciddi danışıqlar getdi. İndi artıq Azərbaycan neftinin Rusiya neftinə qatılıb keyfiyyətinin aşağı düşdüyünə görə bazarda dəyərindən ucuz qiymətə satılması prosesi dayandı.
Qəbələ RLS, nəhayət ki, 2013-cü ildə fəaliyyətini dayandırdı. Bir çoxları o RLS-i ölkədə xarici hərbi qüvvələrin iştirakı kimi qiymətləndirib düşünə bilərdi ki, bu, Rusiyanın bu bölgədə hərbi nəzarət mərkəzi və ya bazasıdır. Bu proses ən azı sülh variantında ölkə başçısının strateji təfəkkürü, iradəsi ilə yoluna qoyuldu.
Burada artıq qeyd olundu, “Şahdəniz-2” regionun iqtisadi, siyasi arxitekturasını dəyişmək baxımından da uğurlu hadisə idi.
Prezident seçkiləri üzərində xarici dairələrin qurduğu müəyyən zəiflətmə planları da iflasa uğradı. Bu seçkilər xalqın iradəsi ilə  keçirildi və başa çatdı.
Ən mühüm məqamlardan biri nazirlərin artıq bölgələrdə vətəndaşları birbaşa qəbul etməsi idi. Bu, artıq kabinet idarəçiliyindən fərqli bir dönəm idi. Hökumətin fəaliyyəti üçün də yeni mərhələ sayıla bilərdi və ölkə başçısının siyasi idarəçiliyinin bu dönəm üçün ən mühüm addımlarından biri idi.
Təbii ki, biz bu sırada eyni zamanda müxtəlif problemləri qeyd eləyirik. Mən istəyirəm, təriflərə həddindən artıq aludə olanlar unutmasınlar ki, cənab Prezident 2013-cü ildə fəaliyyət göstərən komandasını dəyişibdir. Ən azı iki nazir yenilənib, bir nazir başqa  vəzifəyə keçirilib və sairə. Məsələn, hörmətli Səlim Müslümovun çevik, dinamik fəaliyyəti sübut edir ki, ondan əvvəlki dönəmdə həmin nazirlik Azərbaycan maraqlarına, vətəndaş maraqlarına uyğun davranış göstərə bilməyib. Mən bunu çox yumşaq, həddindən artıq korrekt ifadə edirəm ki, kim isə bizi yenə də gedənin arxasıyca danışmaqda ittiham eləməsin.
Bu mənada biz problemləri, əsasən, aşağıdakı kimi qabardardıq. Burada məndən öncə deyildi. Məsələn, son günlərin hadisəsi olan metropolitendə sahibkarların ticarət fəaliyyətinin qadağan olunması. Digər ticarət məkanlarında bu problem 2013-cü ildə də qalmaqda davam elədi. Ölkə başçısının xarakterini, onun iradəsini, vətəndaşa bağlılığını, sahibkarlıq fəaliyyətini genişləndirmə siyasətini bilənlərin hamısı təsdiq eləyər ki, əgər ölkədə bu məkanlarda mövcud olan vəziyyət cənab Prezidentə tam dolğunluğu ilə məruzə olunsa, Kəbirə Məmmədovanın rəhbərlik elədiyi “Binə” və ölkədə fəaliyyət göstərən digər ticarət mərkəzlərindəki münasibətlər hüquqa dayanıqlı olar. Məsələn, Tağı Əhmədovun rəhbərlik elədiyi qurum, sadə dillə desək, vaqonların hərəkətinə, onların istismarına və bu kimi məsələlərə rəhbərlik eləyir. Burada ticarət fəaliyyətinin göstərilməsi ondan niyə asılı olmalıdır ki, ondan sonra gələnlər də onu aradan qaldırsın və biz də düşünək ki, görəsən, bu adam vəzifədən azad ediləndən sonra növbəti rəis o dayaqları sökəcək, ya yox. Ona görə düşünürəm ki, bizim ticarət məkanlarımızda, bazarlarımızda vəziyyət, sadə dillə desək, normal hüquqi münasibətlər sisteminə uyğunlaşdırılmalıdır. Orada çox ciddi problemlər var və təəssüf ki, bu, 2013-cü ildə də davam elədi.
2013-cü ildə yeni təhsil naziri təyin olundu və hər kəs də onun kifayət qədər istedadlı, sanballı, Qərb təhsil modelindən çıxmış və bu sahədə hansı problemlərin olduğunu bilən bir insan kimi təyinatını nəzərə aldı. Düşünürəm ki, artıq hörmətli Mikayıl Cabbarovun özünün son müsahibəsində dediyi kimi onun 10 aylıq fəaliyyətinə bir yekun vurmaq olar. Bir sıra gözləntilər doğruldu. Amma bir sıra məsələlərin də görülməsi tələb olunur.
Çox təəssüf ki, hələ də biz ali məktəblərə keçid ballarını aşağı salmaqda davam edirik. Qəbul imtahanlarında abituriyentlərin topladığı qiymət az qala təhsilin qiymətinə bərabərləşdirilir. Ona görə də bu yöndə çox ciddi tədbirlər həyata keçirilməlidir.
Müəllimin maaşı, savadlı müəllimin savadsızdan ayrılması,  attestasiya məsələləri, məktəblərdə xanımlarımızın üstünlük təşkil eləməsi, kişi müəllimlərin məktəblərə qayıtması kimi problemlər yenə də qalmaqda davam edir.
Ali məktəblərdə təhsil haqları yüksək olaraq qalır. Ölkə üzrə orta aylıq əmək haqları fonunda təhsil haqlarının ödənməsi çətinliklər törədir. Bu bir sıra insanlarımız üçün əlçatmazdır. Biz bunu açıq deməliyik. Mən əminəm ki, bu problemləri həll etmək üçün Mikayıl Cabbarovun səriştəsi, gücü çatacaqdır.
Məktəblər hər hansı başqa quruma deyil, Təhsil Nazirliyinə tabe olmalıdır. Bu sözün alt qatında nə dayandığını hər birimiz bilirik. Biz deyirik ki, Qarabağı Təhsil Nazirliyi alacaqdır. Müdafiə Nazirliyinin,  səngərdə dayanan əsgərin öz yeri var. Amma təhsil hər bir milləti xilas eləyən bir sahədir.
Mənim toxunmaq istədiyim növbəti məsələ işsizliklə bağlıdır. Gənclər arasında bu problem qalmaqda davam edir. Əlbəttə, biz iqtisadiyyatın inkişafı üçün mühüm addımlar atırıq. Amma mən düşünürəm ki, onun sahə və ərazi quruluşunda hələ problemlər var. Burada deyildi ki, bölgələrdə bu sahədə ciddi problemlər mövcuddur.
Xarici borc hazırda çox normal bir vəziyyətdədir. Azərbaycan indi özü müxtəlif ölkələrə kreditlər, borclar verir. Ancaq vətəndaşın banklara borcu artmaqdadır.
Mən Elman Rüstəmovu kifayət qədər peşəkar, səriştəli bir insan hesab edirəm. Ötən dəfə o burada çıxış edəndə müəyyən qeydlər aparmışdım. O deyir ki, banklar yalnız 15 faizlik gəlir götürür. Mən bilmirəm, Milli Bankda belə bir monitorinq aparılırmı. Amma 35–40 faizə yaxın bir faiz göstəricisində ölkədə hansı bir iqtisadi layihə, biznes fəaliyyəti həyata keçirmək mümkündür ki, həm o adam qazansın, həm də kredit öhdəliklərini yerinə yetirsin?
Düşünürəm ki, bu dövr ərzində mənzillərin qiyməti ilə bağlı bahalaşmanı qeyd etməliyik. Mən bir statistikanı sizə deyəcəyəm. 1995-ci ildə bir vətəndaşın o dövrkü orta aylıq əmək haqqı ilə 7–8 ilə birotaqlı mənzil almaq imkanı indi xeyli azalıb və bu müddət təxminən 14–15 ilə bərabərləşib. Hələ biz hər il əhalimizin 120 min nəfər artmasını da nəzərə alsaq, görərik ki, mənzilsiz insanlarımızın sayı kifayət qədərdir.
Rayonlarda görülən işlərdən danışıldı. Rayonların nəinki zahiri siması, eləcə də infrastrukturu köklü surətdə dəyişib. Bu çox önəmli işlərdir. Rayonlar mərkəzin boğazından asılı olmadan inkişaf edirlər. Amma su layihəsi icra olunur, qurtarır, yerinə başqa bir idarə, məsələn,  kanalizasiya idarəsi gəlir. Başlayır həmin yeri söküb öz xəttini çəkməyə. Bu fəaliyyəti koordinasiya etsələr, mənə elə gəlir ki, o dağıntılar olmazdı və onların amortizasiya dövrü də yuxarı olardı.
Mən düşünürəm ki, Qarabağ bölgəsi Azərbaycanın bütün digər ərazilərindən daha güclü olmalıdır. Biz deyirik ki, Qarabağda ermənilərin vəziyyəti bu illər ərzində pisləşib. Haqlı deyirik. Bir saxta dövlətçiliyin içərisində cəmi 178 milyon dollarla iqtisadiyyat, sənaye, kənd təsərrüfatı qurmaq olmaz. Ancaq biz etiraf etməliyik ki, Füzuli bölgəsindən Bərdəyə, Tərtərə qədər ərazilərdə daha çox iş yerlərinin, infrastrukturun yaradılması zəruridir. Məsələn, mərkəzi aran rayonlarının inkişafı daha üstün bir tendensiya kimi hökumətin proqramında öndə olmalıdır.
Bütövlükdə götürəndə mən düşünürəm ki, bu hökumət də, bu parlament də bizimdir. Bunlar eyni bir siyasi xətti bölüşür və ölkənin də kifayət qədər dinamik bir Prezidenti var. Biz hamımız nəzərə almalıyıq ki, bir nazirlik dönəmi də, bir parlament mandatı da müəyyən bir dövrdən sonra başa çatır. Hamımız sonradan o tərcümeyi-halımıza görə cəmiyyətin qarşısına çıxırıq və yaxud bizim balalarımız fəaliyyətimizin hesabatını sonra cəmiyyət qarşısında verir. Bu mənada mən bu hesabata səs verəcəyəm. Amma hökuməti daha yaxşı çalışmalara çağırıram. Minnətdaram.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Elton Məmmədov.
E.Məmmədov. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və dəvət olunan qonaqlar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsi nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir. Avropaya inteqrasiya yolunda ciddi layihələr icra olunur, dünya ölkələri ilə əlaqələr genişlənir.
Geniş və ətraflı şəkildə hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim olunmuş hesabatdan göründüyü kimi, son 10 ildə ümumi daxili məhsul 3,2 dəfə, qeyri-neft sektoru 2,6 dəfə, sənaye məhsulu istehsalı 2,7 dəfə, kənd təsərrüfatı məhsulu 1,5 dəfə, əsas kapitala qoyulan investisiyalar 4,5 dəfə, o cümlədən qeyri-neft sektorunda 12,2 dəfə artmışdır. 2013-cü ildə ümumi daxili məhsul istehsalı əvvəlki illə müqayisədə 5,8 dəfə artaraq 57,7 milyard manata çatmış, qeyri-neft sektoru isə 10 faiz artmışdır.
Nazirlər Kabinetinin  2013-cü ildə ölkənin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasında möhtərəm Prezidentimizin qeyd etdiyi kimi, 2013-cü ildə ölkə iqtisadiyyatına rekord həcmdə – 28 milyard dollar investisiya qoyulmuşdur. Onun 17,5 milyard dolları daxili sərmayədir. Çox hissəsini dövlət sərmayəsi təşkil edən daxili sərmayənin xarici sərmayəni üstələməsi artıq davam edən tendensiyaya çevrilmişdir. Azərbaycan Respublikası  regionlarının sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasına həsr olunmuş konfransda da cənab Prezident son 10 ildə aparılan islahatlar, ölkəmizdə hökm sürən sabitlik və ictimai asayiş nəticəsində ölkə iqtisadiyyatının 3,4 dəfə artdığını vurğulamışdır.
2004–2008-ci illəri əhatə edən birinci və 2009–2013-cü illəri əhatə edən ikinci dövlət proqramlarının icrası nəticəsində sənaye istehsalı 2,7 dəfə artmışdır. Əgər əvvəl iqtisadiyyat və sənaye daha çox neft sektoru hesabına artırdısa, son illərdə qeyri-neft sektoru ölkəmizin uğurlu inkişafını təmin edir.
Ölkə iqtisadiyyatında mühüm yeri olan nəqliyyat infrastrukturu son  illər tərəqqi dövrünü yaşamışdır. Nəqliyyatın bütün növləri ilə əvvəlki ilə nisbətən 3,4 faiz çox yük daşınmışdır. 2012-ci illə müqayisədə yük dövriyyəsi 0,9 faiz, sərnişin dövriyyəsi isə 8,8 faiz artmışdır.
Hesabat dövründə yol infrastrukturu üzrə nəzərdə tutulmuş işlərin icrası, yol qovşaqlarının və piyada keçidlərinin inşası, avtomobil yollarının yenidən qurulması və tikintisi dövlət büdcəsi və digər sərmayələr hesabına davam etdirilmişdir.
Azərbaycan regionun aparıcı dövləti olaraq neft-qaz sektorunda olduğu kimi nəqliyyat sahəsində də transmilli layihələrin həyata keçirilməsinə xüsusi önəm vermiş və qloballaşan dünyada Xəzər–Qafqaz–Qara dəniz regionu üçün böyük siyasi və iqtisadi əhəmiyyət kəsb edən Bakı–Tbilisi–Qars dəmiryolunun tikintisi sürətlə davam etdirilmişdir. Azərbaycanın maliyyə dəstəyi ilə həyata keçirilən layihə artıq yekunlaşmaq üzrədir. Bu layihə ölkəmizin gündən-günə möhkəmlənən iqtisadi qüdrətinin əyani göstəricisidir. Nəqliyyat sektorunun digər sahələrinin də 2013-cü ildə kifayət qədər inkişaf etdiyini əminliklə söyləmək olar.
Mən, eyni zamanda, kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyət kəsb edən modernləşdirmə prosesinə də toxunmaq istəyirəm. Aqrar sahənin səmərəliliyinin və rəqabət qabiliyyətinin artırılması üçün tədqiqat və innovasiyaların sahibkarlıq fəaliyyəti ilə inteqrasiyası kənd təsərrüfatında modernizasiya prosesini sürətləndirə bilər.
İqtisadi inkişafın mahiyyətində modernizasiya yolu və məhsuldarlığın artırılması, dəyər zəncirinin genişlənməsi və daha yüksək əlavə dəyərin əldə edilməsi dayanır. Bu mövqedən yanaşıldıqda Azərbaycanda kənd təsərrüfatının istehsal vasitələri və dövriyyə vasitələri ilə təmin edilməsi sahəsində rəqabət mühitinin yaradılması və özəl biznesin cəlb edilməsi, düşünürəm ki, daha səmərəli olardı. Belə ki, bu yanaşma həm xidmətlərin keyfiyyətinin yüksəlməsinə, həm də qiymətlərin aşağı düşməsinə şərait yarada bilər.
Kənd təsərrüfatı texnikasının gömrük rüsumlarından azad edilməsi, fermerlərin imkanlarının genişləndirilməsi baxımından, düşünürəm ki, mühüm əhəmiyyət kəsb edər. Fikrimcə, aqrar sektorda fermer təsərrüfatlarının daha səmərəli çalışması üçün kənd təsərrüfatı texnikasının ehtiyat hissələrinin də gömrük rüsumlarından azad edilməsi məqsədəuyğun olardı.
Hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri, 2013-cü ilin uğurları və başlanmış işlərin sürəti nazirlik və komitələrin cari ildə də qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gələcəyinə əsas verir. 2014-cü il üçün nəzərdə tutulan işlərin icrasında mərkəzi icra hakimiyyəti orqanlarına uğurlar diləyir, hökumət üzvlərini və hörmətli həmkarlarımı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edir, onlara ölkə başçısının rəhbərliyi ilə Azərbaycanın qüdrətlənməsi yolunda uğurlar diləyir və hörmətli həmkarlarımı müzakirədən sonra hökumətin hesabatına səs verməyə çağırıram. Diqqətinə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm, hörməti Ziyafət müəllim. Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, dəyərli həmkarlar! Hər şey tutuşdurmada, müqayisədə meydana çıxır. Bəzən insan özü proseslərin içərisində olanda reallığı o qədər də dəqiq qiymətləndirə bilmir. Bu baxımdan yanaşdıqda xatırlamalıyıq ki, 2013-cü ildə dünyanın iqtisadi və ümumiyyətlə, hər baxımdan nəhəngi Amerika Birləşmiş Ştatları texniki defoltla üzləşmişdi. Amerika Birləşmiş Ştatlarında dövlət borcu artıq  18 trilyon dolları keçib. 2013-cü ili göz önünə gətirsək, nəzərə almalıyıq ki, Avropa Birliyində hansı proseslər baş verdi. Avropanın bir çox ölkələri, xüsusilə Cənubi Avropa işçilər arasında kütləvi ixtisarlar, sosial müavinətlərin azaldılması, eyni zamanda, büdcədə kəsirlərin ümumi daxili məhsulun səviyyəsini xeyli üstələməsi kimi reallıqlarla üzləşdi.
Belə bir halda Azərbaycan bir iqtisadi stabillik adasını xatırladırdı.  Azərbaycanda ötən il 5,8 faizlik iqtisadi artımın əldə olunduğunu nəzərə alsaq, görəcəyik ki, dünyadakı ümumi artımdan təqribən 4 dəfə, MDB-dəkindən isə təqribən 3 dəfədən artıq bir artım göz önündədir. Bu nəyin nəticəsində əldə olunur? Hər şeydən öncə dövlət başçısının yeritdiyi uğurlu siyasətin və hakimiyyətin müxtəlif qolları arasındakı harmoniyanın. Biz Milli Məclisin bugünkü iclasında da bu harmoniyaya şahid oluruq.
Hökumətin çox dəqiq hazırladığı hesabatla artıq hamımız tanışıq.  Ötən ilin uğurlarına diqqət yetirərkən sosial ayırmalar məsələsini nəzərdən qaçırmaq olmaz. 32,6 faizlik artım qeydə alınıb. Qərbdə sosial ixtisarlar baş verdiyi halda Azərbaycanda sosial ayırmalardakı bu artım bir daha bizim dövlətin sosial yönlü dövlət olduğunu, əhalinin bütün təbəqələrinin maraqlarını nəzərə aldığını göstərir.
Keçən ilin uğurları haqqında danışmalı olsaq, Azərbaycanın kosmik dövlətə çevrilməsini və “Şahdəniz-2” layihəsinin reallaşdırılması məsələsini xatırlatmalıyıq. Bu layihənin reallaşması təkcə iqtisadi önəm kəsb etmir. Bu qəbildən olan layihələr Azərbaycanın Avropa məkanına hərtərəfli inteqrasiyasını sürətləndirir. Baxın, az öncə, cənab Sədr, Siz də vurğuladınız, Avropa Birliyi ölkələri ilə bizim ticarət dövriyyəmiz  49 faizin üzərindədir. Bu cür layihələr bir daha bizim Avropaya  inteqrasiyamızı artırır. Digər Şərq tərəfdaşlığı ölkələrinin Avropa Birliyi ölkələri ilə ticarət dövriyyəsini nəzərə aldıqda Azərbaycanınkı onların hamısından çoxdur. Onların arasında bizdən böyük dövlət – Ukraynanın olduğunu da nəzərə alsaq, söhbətin nədən getdiyi daha aydın olar.
Ötən il müddətində Azərbaycanda insan haqlarının qorunması sahəsində də uğurlarımızdan söhbət aça bilərik. Bu uğurlar iki  aspektdə özünü göstərir. Az öncə dediyimiz kimi, sosial ayırmalarda və iqtisadi inkişaf tempinin qorunub saxlanmasında. Nəyə görə mən bu iki aspekti qeyd edirəm? Ona görə ki, Avropa komissiyasının özünün 2013-cü illə bağlı hesabatında açıq şəkildə vurğulanır ki, Avropa dövlətlərindəki iqtisadi böhranlar bu dövlətlərdə insan haqlarına da, demokratiyaya da mənfi təsir göstərir. Bu baxımdan yanaşdıqda, təbii ki, Azərbaycanda ancaq müsbət təsirdən danışmaz olar.
2013-cü ildə ölkəmizdə “ASAN xidmət” işə düşdü. Amma söhbət təkcə “ASAN xidmət”dən getmir. Azərbaycanda, ümumiyyətlə, bütün dövlət strukturlarının bu və ya digər dərəcədə asanlaşdırılması prosesi gedir. Məndən öncə çıxış edən həmkarlarım da qeyd etdilər ki, bu proses artıq icra strukturlarına təyin olunan rəhbərlərin hərəkətlərində, “Elektron hökumət”in ayrı-ayrı dairələrə nüfuz etməsində özünü göstərir.
Amma həmkarlarım da qeyd etdilər ki, bu uğurlarla yanaşı çatışmazlıqlar da var. Təbii ki, harada inkişaf varsa, iş varsa, orada çatışmazlıqlara da rast gəlinə bilər. Az öncə orta və kiçik bizneslə bağlı söhbət getdi. Mən xatırlayıram, Türkiyədən olan bir iş adamı danışırdı ki, bizdə kabab çox sevilir, amma azərbaycanlılar onu daha çox sevirlər. Belə olan halda nə üçün siz hətta bu şişləri belə Türkiyədən idxal edirsiniz, Azərbaycanda şiş istehsal etmək olmazmı?
Bilirsiniz, bütün bu məsələlərin hamısı gəlir yenə də təhsil sisteminin üzərinə. Son bir ildə, doğrudan da, təhsil sahəsində ardıcıl addımların atıldığını görürük. Təbii ki, bu uzun prosesdir və o dəqiqə müəyyən nəticələr gözə görünmür. Amma bütün bu məsələlərin kökündə texniki təhsil məsələsi durur. Əgər texniki təhsil yetərincə uğurlu qurulsa, bu,  Azərbaycanda həm istehsal prosesinin genişlənməsinə, həm də istehsal mədəniyyətinin artmasına kömək edəcək. Ümumiyyətlə, biz bunu bilməliyik ki, əgər orta statistik azərbaycanlı orta statistik alman kimi əmək məhsuldarlığı göstərmirsə, işinə onun qədər nizam-intizamla yanaşmırsa, onun qədər məsuliyyətli, onun qədər peşəkar deyilsə, onun kimi yaşamağı da tələb etməyə haqqı yoxdur. Bu da, təbii ki, təhsil sistemində, eyni zamanda, texniki təhsildə özünü göstərməlidir.
Son olaraq mən təmsil etdiyim rayonla bağlı bəzi məsələləri qısaca qeyd etmək istəyirəm. Bir neçə dəfə burada da deyilib ki, Tərtər rayonunun ən böyük problemi su problemidir. Cənab Baş nazir, mən Sizə təşəkkür edirəm ki, bu il Sizin tapşırığınızla 25 artezian quyusu qazılacaq və suya olan ehtiyac müəyyən dərəcədə ödənəcək. Rayonda 500-dən artıq  artezian quyusu olacaq. Amma onların elektrik məsrəfini və sairi, eyni zamanda, bu artezianların heç də insanların tələbatını tam ödəmədiyini nəzərə alaraq deməliyəm ki, orada başqa layihələrin reallaşdırılmasına  ehtiyac var. Bu da dəryaça tikilməsi ola bilər. Bunun üçün müəyyən şərait və hətta müəyyən texniki hazırlıqlar da var. Bu məsələ diqqətdə saxlanılsaydı pis olmazdı.
Bilirsiniz, su çatışmazlığı üzündən yerlərdə çətin vəziyyət yaranır. Elə insan var ki, torpağı olsa da, onu illərdir nə əkib-becərə, nə də icarəyə verə bilir. Amma eyni zamanda, sosial müavinət də ala bilmir. Çünki mülkiyyətində torpaq var. Mən xüsusilə Səlim müəllimin diqqətinə bu məsələni çatdırmaq istəyirəm. Bu vəziyyət, ümumiyyətlə, bir çox sərhəd kəndlərində yaşanır. Mənə elə gəlir ki, bu məsələdə biz az diferensial yanaşma lazımdır. Bu bölgələrin belə problemləri nəzərə alınmalıdır.
Bir də qazlaşdırma məsələsini demək istəyirəm. Bu sərhəd bölgəsidir, cəbhə xəttidir. Belə bir yerdə yaşayış məntəqələrinin yalnız üçdə biri qazlaşdırılıb. Bilirsiniz, ümumiyyətlə, bu cəbhə bölgəsində aparılan bütün quruculuq işləri, eyni zamanda, ordunun gücləndirilməsinə xidmət edir. Mən xahiş edərdim ki, bunu unutmayaq.
Mən hökumətin hesabatını bütövlükdə dəstəkləyirəm və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Saat 4-ə kimi fasilə elan edilir.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Müzakirəyə başlamazdan əvvəl bir xahişim var. Bildiyiniz kimi, gündəlikdə daha 3 məsələ var. Biz terrorizmə qarşı mübarizəni gücləndirməklə bağlı 3 vacib məsələni də müzakirə etməliyik. Ona görə xahiş edirəm, çıxışlar mümkün dərəcədə qısa olsun ki, saat 6-nın yarısına kimi hökumət hesabatının müzakirəsini yekunlaşdıraq və bu 3 vacib məsələyə baxaq. İlyas İsmayılov, buyurun.
İ.İsmayılov. Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında müzakirəyə çıxarılan hesabatı ötən il də ölkənin sosial-iqtisadi imkanlarının xeyli genişlənməsini, əhalinin maddi təminatının və həyat şəraitinin daha da yaxşılaşdırılmasını əks etdirir. Builki hesabatın tərtibatı da əvvəlkindən daha yığcam və əyanidir. Bununla yanaşı, diqqətinizi, zənnimcə, hesabatda aktuallığına uyğun yer almayan və problemli saydığım bir neçə məsələyə yönəltmək istərdim.
Hər şeydən əvvəl əmək qabiliyyətli vətəndaşlarımızın 40 faizindən çoxunun çalışdığı aqrar sahə barəsində danışmaq istəyirəm. Ötən il mən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci ildə fəaliyyəti haqqında hesabatın müzakirəsi zamanı qeyd etmişdim ki, hesabatın kənd təsərrüfatına həsr olunmuş hissəsində bir dənə də olsun rəqəm göstərilməyib. Builki hesabatda bu sahəyə 10 səhifə həsr olunmuş, müxtəlif rəqəmlər və cədvəllər yer almışdır. Rəqəmlər göstərir ki, bitkiçilik məhsullarının istehsalında xeyli problem mövcuddur. Məsələn, ötən ilə nisbətən bu il pambıq və tütün istehsalı 20 faizə yaxın azalmışdır. Hökumətin hesabatında bu azalmanın səbəblərinin təhlili və görüləcək stimullaşdırıcı tədbirlər haqqında heç bir məlumat yoxdur. Halbuki hesabatda yalnız faktiki vəziyyət yox, həm də bu cür geriləmələrin aradan qaldırılması üzrə görülən tədbirlər əks olunmalıdır.
Bir çox çıxışlarımda mən ölkədəki inhisarçılıq barəsində söhbət açmışam. Bir neçə oliqarx strukturun Azərbaycanın istehlak bazarında hökmranlıq etdiyini və bu amilin vətəndaşların alıcılıq qabiliyyətinə mənfi təsir göstərdiyini qeyd etmişəm. Hesabatın 5 səhifəlik “Antiinhisar siyasəti və istehlakçıların hüquqlarının müdafiəsi, qiymət və tarif siyasəti” bölməsində, ümumiyyətlə, antiinhisar siyasətinə dair bir cümlə də yoxdur. Beş səhifənin beşində də ticarətdə və kiçik istehsal müəssisələrində aparılan yoxlamalardan, istehsalçıların buklet və elektron məktubları vasitəsilə maarifləndirilməsindən söhbət gedir. Doğrudanmı bizim hökumət  real antiinhisar siyasətində məmur-oliqarx strukturları qarşısında aciz qalıb?
Qayıdaq hesabatın I fəslinə. Aydındır ki, real sektorda ümumi daxili məhsulun manat və ya dollarla ölçülməsi dünya praktikasının əsasında aparılır. Lakin bizim halda bu yanaşma bəzi neqativ proseslərin diqqətdən kənarda qalmasına şərait yarada bilər. Məsələn, bir sıra sənaye və ərzaq məhsullarının, bir neçə növ xidmətin ümumi daxili məhsulda payı artsa belə, bu, sırf qiymət artımı hesabına yarana bilər. Bu o deməkdir ki, real istehsal artımı baş vermir, yəni onun fiziki parametrləri əvvəlki səviyyədə qalır. Deməli, real inkişafdan da danışmaq çətindir. Təklif edirəm ki, növbəti hesabatda məhsul istehsalına və xidmətlərə dair əsas makroiqtisadi göstəricilərin dinamikası həm maliyyə, həm də fiziki parametrlə ifadə olunsun. 
I fəslin digər bəndi ölkədə “Yoxsulluğun səviyyəsi”nə həsr olunub. Burada əsas nailiyyət kimi yoxsulluğun 2013-cü ildə 5,2 faizədək enməsi, yəni 11 il ərzində təxminən 9 dəfə azalması göstərilir. Əgər ölkəmiz hələ də 80 faizə yaxın gəlirini neftin hesabına əldə edirsə, yəni qeyri-neft sektorunda məşğulluq və maaşlar əsaslı şəkildə artmırsa, onda orta statistik vətəndaşın gəlirləri nəyin hesabına artır? Avropanın ən inkişaf etmiş ölkələrində yoxsulluq 13–15 faiz arasında dəyişdiyi zaman bizim bu 5,2 faizə inanmaq olarmı?
Ölkədə irimiqyaslı real iqtisadi islahatlar, demək olar ki, aparılmır. İqtisadi azadlıq, mülkiyyət hüquqları ilə bağlı problemlər azalmır, gizli iqtisadiyyat hələ də kifayət qədər böyükdür. Mütəxəssislər onun 30–50 faiz arasında olduğunu qeyd etsələr də, dövlət rəsmiləri onun 8–10 faiz olduğunu bəyan edirlər.
Bank sektorunun sahibkarlıq fəaliyyətinin genişləndirilməsinə xidmət etdiyi də böyük sual altındadır. Bu gün Azərbaycanda sahibkarların inkişafı üçün alına biləcək kreditlərin faiz dərəcəsi çox yüksəkdir. Bu rəqəm illik 40 faizə çatır. Halbuki əksər ölkələrdə bu faiz 20-ni aşmır. Mən hələ iqtisadi fəaliyyət azadlığını, korrupsiyanı demirəm.
Ötən il mən Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı hökumətin qarşılaşdığı problemləri və çətinlikləri göstərən ayrıca bir bəndin olmasını təkid etmişdim. Builki hesabatda da yenə problemlərdən danışılmır, sanki hər şey yaxşıdır, ölkənin sosial-iqtisadi həyatında çətinliklər mövcud deyil. Mənə elə gəlir ki, problemlərin olmasını etiraf etsək, xalqımızın rifahı uğrunda birgə fəaliyyətimizin bəhrəsi daha da artmış olar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Amma İlyas müəllim, bu boyda hesabatda bir müsbət istiqamət görmədiniz də.
Yerdən(Eşidilmir.)
Sədrlik edən. Mən Sizə irad tutmuram, sualınıza cavab verirəm.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. İxtiyarım da var.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən. Sizin ixtiyarınız yoxdur belə danışmağa. Siz danışdınız, biz qulaq asdıq. Göydən düşməmisiniz, biz Sizə qulaq asdıq, Siz də qulaq asın, dözümünüz olsun. Hər bir adam bir az özünə fikir verməli, başqalarına hörmət etməlidir. Mən Sizin bir sözünüzü kəsmədim. Günah Sizdədir ki, belə imkan tapıb danışırsınız. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli Baş nazir! Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatı dinlədik. İllik hesabat həm də toplu halında bizlərə təqdim olunmuşdur. Hesabatda Azərbaycanın sosial və iqtisadi mühitində baş verən dəyişikliklərin geniş təhlili öz əksini tapmışdır.
Əlbəttə, ölkə başçısının apardığı düşünülmüş siyasətin nəticəsidir ki, Azərbaycan ancaq tərəqqiyə doğru irəliləmişdir. Ötən 10 il ərzində böyük sosial-iqtisadi proqramlar həyata keçirilməklə Azərbaycan öz simasını dəyişərək müasir ölkəyə çevrilmişdir. Mərkəz və regionlar arasındakı fərq aradan qaldırılmışdır. Dövlət başçısının təsdiq etdiyi proqramların Nazirlər Kabineti tərəfindən yüksək səviyyədə icrası belə uğurların əldə edilməsinə zəmin yaratmışdır.
Hər il Nazirlər Kabinetinin illik hesabatını dinləyirik və regionları təmsil edən deputatlar olaraq fürsətdən istifadə edərək yerlərdə seçicilərimizi narahat edən məsələləri burada səsləndiririk. Xüsusilə qeyd etmək istəyirəm ki, hər il hesabat zamanı qaldırılmış məsələlərə Nazirlər Kabineti tərəfindən dərhal münasibət bildirilir. Bəzi məsələlər öz həllini tapır, bəzilərinin isə gələcəkdə həll edilməsi üçün nəzarətə götürüldüyü nəzərimizə çatdırılır. Amma biz millət vəkilləri olaraq həmişə olduğu kimi, yenə də bəzi məsələləri burada səsləndirməli, onların həll edilməsinin vacibliyini bir daha diqqətinizə çatdırmalıyıq.
Birinci deyəcəyim məsələ Qusar şəhərinin mərkəzində yerləşən 2 saylı uşaq bağçasının yenidən tikilməsidir. İkinci məsələ isə 21 kilometr uzunluğu olan İmamqulukənd–Quxuroba yolunun yenidən qurulması ilə əlaqədardır. Bu yol 11 min 500 nəfər əhaliyə xidmət edir və uzunmüddətli istismar nəticəsində, demək olar ki, yararsız vəziyyətdədir. Həm uşaq bağçasının, həm də yolun yenidən tikintisi ilə əlaqədar seçicilər tərəfindən çoxlu müraciət olunur. Hər iki məsələ ilə əlaqədar müvafiq orqanlar qarşısında bir neçə dəfə məsələ qaldırılmış, amma çox təəssüflər olsun ki,  bu problemlər hələ də öz həllini tapmamışdır.
Təqdim olunmuş hesabatda qeyd olunur ki, uşaq bağçasının binasının vəziyyətinə dair akt tərtib olunub və növbəti illərin dövlət investisiya proqramının layihəsi hazırlanarkən onun təmiri nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, 2 saylı uşaq bağçasının təmirinə yox, onun yenidən tikintisinə ehtiyac var, çünki bina çox kiçikdir və tam köhnəlmişdir. Bir daha xahiş edirəm ki, hər iki məsələnin həllini imkan daxilində tezləşdirəsiniz.
2014-cü il “Sənaye ili” elan olunduğuna görə deyəcəyim digər məsələ regionlarda emal sənayesinin inkişaf etdirilməsi ilə əlaqədardır.  Dövlət tərəfindən kənd təsərrüfatının inkişafına böyük dəstək verilir. Yəni fermerlərə əkilən torpaqlara görə  subsidiyalar ödənilir, aqrolizinq təsərrüfatlar yaradılmaqla güzəştli şərtlərlə aqrotexniki xidmətlər göstərilir. Fermerlər torpaq vergisi istisna olunmaqla bütün vergilərdən azad olunublar. Bunun nəticəsidir ki, əvvəllər əksər kənd təsərrüfatı məhsulları xaricdən idxal olunurdusa, artıq respublikamızda kənd təsərrüfatı məhsullarının bolluğu yaranıb və ixrac potensialı da günü-gündən artmaqdadır. Lakin yerli fermerlər istehsal etdikləri məhsulların satışında böyük çətinliklərlə qarşılaşır, məhsullarını vaxtında sata bilmədiklərindən müəyyən itkilərlə üzləşirlər. 
Məsələn, seçildiyim Qusar rayonunun əsas fəaliyyəti kənd təsərrüfatı məhsulları istehsal etməkdir. Sovetlər dönəmində rayonda iki konserv, bir alma, bir üzüm, bir süd emalı zavodu fəaliyyət göstərirdi. Həmin zavodlar özəlləşdiriləndən sonra neçə illərdir ki, fəaliyyətləri dayanmışdır. Belə bir sual meydana çıxır. Niyə özəlləşdirilən emal müəssisələri illərlə qapalı qalmalıdır? Dövlət tərəfindən Sahibkarlığın İnkişafına Yardım Milli Fondu vasitəsilə güzəştli şərtlərlə uzunmüddətli kreditlər də verilir. Yəni demək istəyirəm ki, dövlətimiz ölkədə sahibkarlığın inkişafına hər bir şərait yaradır. Mən İqtisadi İnkişaf Nazirliyindən və digər qurumlardan xahiş edirəm ki,  qapalı qalan belə müəssisələrin fəaliyyətlərinin bərpa etdirilməsi üçün tədbirlər görülsün. Emal sənayesinin dirçəldilməsi minlərlə yeni iş yeri, ixrac yönümlü yeni məhsullar istehsal edilməklə dövlət büdcəsinə gələcək əlavə gəlir və həm də istehsal olunmuş kənd təsərrüfatı məhsullarının izafi xərclərə yol vermədən itkisiz satışı deməkdir. Hesabatı məqbul hesab edirəm, təsdiqinə də tərəfdaram. Sonda hamınızı qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edirəm, diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yevda Abramov, buyurun.
Y.Abramov. Hörmətli Sədr, cənab Baş nazir, hörmətli nazirlər və həmkarlarım! Bu gün hökumətin növbəti hesabatını dinləyirik. Bu gün deputatların bayram günü hesab olunur. Hər bir millət vəkili nazirlərlə görüşür, seçicilərin onlara vermiş olduğu tapşırıqları, rayonun problemlərini çox asanlıqla bu salona gətirir.
Əslində, biz ildə 4 dəfə bu hesabatı dinləyirik. Hörmətli Prezidentimiz ilin 3 ayı, 9 ayı keçəndə və ya ilin yekunlarında Nazirlər Kabinetinin xüsusi iclasını çağırır və biz cənab Prezidentin oradakı çıxışından onun ölkəni idarə etməsində seçdiyi dəsti-xətti əyani surətdə görürük. Onun o çıxışı nəinki hökumət, biz deputatlar üçün də bir proqram sənədinə çevrilir.
Oqtay müəllim, mən bütövlükdə bu hesabatı çox bəyənirəm, ona səs verəcəyəm. Nəyə görə? Bu inkişaf, əslində, gözümüzün qabağında gedir. Biz bu inkişafı görürük və onun içindəyik. Kimsə təriflədi, kimsə tərifləmədi, bu onların şəxsi işləridir, ölkədə gedən bu güclü inkişafı görməmək olmaz. Nəinki paytaxt, regionlar inkişaf edir, kənd rayonları gündən-günə simasını dəyişir.
Hörmətli Oqtay müəllim, Siz çıxışınızda çox gözəl dediniz ki, 50-yə yaxın deputatın hökumətin qarşısında qoyduğu tapşırıqlar, məsələlər icra edilib. Bəli, tamamilə doğrudur. Mən rayonumun timsalında Səhiyyə Nazirliyinə böyük minnətdarlığımı bildirirəm. Yadınızdadırsa, Qonaqkənd haqqında emosional bir çıxışım olmuşdu. Bəli, orada böyük ambulator poliklinika tikildi. Dağ şəraitində işləyə bilən  nəqliyyat vasitəsi verildi, məktəb təmir edildi, polis şöbəsinin yeni binası açıldı. Gələcəkdə də yeni obyektlərin tikilməsi nəzərdə tutulur. Mən bir daha Oqtay müəllimə seçicilərim adından minnətdarlıq bildirirəm və əminəm ki,  rayonda yeni plana salınmış mərkəzi xəstəxananın tikilməsində də bizə doğmalıq göstərəcək.
İkinci, ən mühüm məsələlərdən biri 200-dən çox yaşı olan, Qubanı Qırmızı qəsəbə ilə birləşdirən tarixi Tağlı körpünün təmiridir. Biz onu Vahid müəllimlə bir yerdə cənab Prezidentdən xahiş etmişdik. Nəqliyyat nazirinə minnətdarlığımı bildirirəm, bu körpü elə bərpa edildi ki, heç onun arxitektoru da  bu gün onu görsə, tanımaz.
Əlbəttə, hökumətin ünvanına deyiləsi sözlər çoxdur. Hökumət 2013-cü ildə dünyada gedən siyasi və iqtisadi kataklizmalar kontekstində öz dinamik inkişaf səviyyəsini qoruyub saxlaya bildi. Bunun üçün ilk növbədə cənab Prezidentə minnətdarıq. Onun Azərbaycan üçün seçdiyi önəmli xətt, düzgün iqtisadi strategiya imkan verdi ki, hökumət cənab Prezidentin rəhbərliyi altında bu dəsti-xətti əlində rəhbər tutaraq əvvəlki illərdə olduğu kimi, 2013-cü ildə də Azərbaycan xalqının rifahı naminə  bu  inkişafı qoruyub saxladı. Mən bunları rəqəmlərlə göstərməyəcəyəm, çünki onlar hesabatda var. Bunlar faizlə deyil, burada dəfələrlə öz əksini tapmışdır. Mən bu gün hökumətin ünvanına deyilən bütün xoş sözləri qəbul edirəm və təbii ki, millət vəkili kimi ölkədə gedən bəzi proseslər haqqında təkliflərimi, mülahizələrimi bildirmək istəyirəm.
Mən əvvəlki iclaslarda da məsələ qaldırmışdım ki, xalçaçılıq Quba rayonu üçün spesifik olan bir iqtisadi sahədir. Mən məruzəni hazırlamamışdan qabaq maraqlandım. Mənə məlum oldu ki, sən demə, Bakıda xalçaçılıq rayonlardan daha yaxşı inkişaf edir. Mən bunu kvadratmetrlərlə götürürəm. Bu gün gizli, açıq, qeyri-müəyyən yollarla Bakı kəndlərində və Bakının özündə çoxlu xalça toxunur, amma rayonlarda bu işə fikir verən yoxdur.  Mən hətta təklif vermişdim ki, xalçanın sərhəddən keçirilməsi də bir az asanlaşdırılsın. Bu, təzə xalçadır, bunu sərhəddə yoxlamağa, şəklini çəkməyə ehtiyac yoxdur. Qoy Çində olduğu kimi, hədiyyə şəklində Azərbaycan təsviri sənətinin nümunəsi olaraq dünyaya yayılsın. Xalçaçılığa qayıtmaq lazımdır.
İkinci mühüm bir məsələyə toxunmaq istərdim. Düzdür, cənab Prezident üçüncü dövlət proqramını qəbul etdi və biz iki dövlət proqramı ilə sovet dönəmindəki  qədər bir inkişaf yolu keçdik. Üçüncü proqram da, mən elə bilirəm ki, uğurla həyata keçiriləcək. 2014-cü il “Sənaye ili”dir və biz hökumətdən gözləyirik ki, heç olmasa, rayonlarda 500, 1000 nəfərin işləyə biləcəyi müəssisələr açılsın. Axı, bunlar var idi. Qusardan seçilmiş həmkarım bunları dedi, təkrarlamaq istəmirəm. Vaxtilə Quba konserv zavodunda 1200 adam işləyirdi. Bu gün maarif və səhiyyə obyektlərini çıxmaq şərti ilə 100 nəfərin işlədiyi bir müəssisə belə yoxdur. Rayonlarda gəncləri işə cəlb etmək üçün elə müəssisələr yoxdur. Bu gün cənab Prezident çox düzgün xətt seçib ki, hər bir rayonun spesifik iqtisadi inkişaf tempinə uyğun müəssisələr tikilsin. Bu ili “Sənaye ili” elan etmişiksə, ona görə hökumət hər bir rayonda belə sənaye müəssisələrinin tikilməsinə diqqəti artırmalıdır.
Mən büdcənin müzakirəsi vaxtı dedim, bu gün də heç kimi pessimizmə dəvət etmirəm. Rusiyada gedən hadisələr bizə çox şeylərdən xəbər verir, biz fors-majora da hazır olmalıyıq. Bilmək olmaz ki, bu ayın axırında nələr olacaq. Amma hər ehtimala qarşı biz insanlarımızın qayıdışını nəzərə alıb onların işlə təminatına cavabdeh olmalıyıq. Bu, hökumətin qarşısında duran ən mühüm məsələdir.
Mən vaxtı çox almaq istəmirəm, qoy yoldaşlarım da öz ürək sözlərini desinlər. Oqtay müəllim, mən hökumətin 2013-cü ildə gördüyü işləri qənaətbəxş hesab edirəm, müvəffəqiyyətlər arzu edirəm. Əlbəttə, iş olan yerdə səhvlər, problemlər də olar. Problem yalnız qəbiristanlıqda olmur, ölülər rahat yatırlar. Əgər biz inkişaf ediriksə, yeni uğurlara imza atırıqsa, bu yolda bizim səhvlərimiz də olacaq. Amma bütövlükdə Azərbaycan stabil dövlətdir. Azərbaycanın bu stabilliyinə paxıllıq edən ölkələr var. Bu stabilliyimizi qoruyub saxlamaqdan ötrü biz daim hökumətin yanında olmalıyıq, hökumətlə əlbir işləməliyik. Hökumət də əmin ola bilər ki,  deputatlar daim onların yanındadırlar. Biz hər zaman hökumətin və dövlətin başçısının iqtisadi siyasətini dəstəkləməyə hazırıq. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və həmkarlarım! Ənənəvi olaraq hər ilin mart ayında Azərbaycan hökumətinin hesabatını dinləyirik.
Qeyd etmək lazımdır ki, builki hesabat həm məzmun, həm də tərtibat nöqteyi-nəzərindən yüksək elmi-metodiki səviyyədə hazırlanmışdır. Hesabatda faktlara söykənmiş cədvəl və diaqramlar göstərilmişdir ki, bunlar da metodiki cəhətdən düzdür və reallığa söykənir. Hesabat bir sıra bölmələrdən ibarətdir: real sektor, maliyyə sektoru, pul sektoru, bank fəaliyyəti, hesabat sahələri, xidmət sahələri, sosial sahələr.
Məndən öncə çıxış edən həmkarlarım qeyd etdilər, cənab Prezident tərəfindən 2014-cü il “Sənaye ili” elan olunmuşdur. 2020-ci ilə qədər  Azərbaycanda sənayenin yeni mərhələyə keçirilməsinin dövlət proqramı məlumdur. Əlbəttə, bu proqramların həyata keçirilməsi təkcə neft sektoruna deyil, eyni zamanda, qeyri-neft sektoruna da aiddir. Bir təhsil işçisi kimi qeyd etməliyəm ki, sənayeləşməni həyata keçirən  Azərbaycanda yüksək texniki təhsil almış yerli insanlara böyük ehtiyac vardır. Təhsil nazirinin,  eyni zamanda, hörmətli Artur müəllimin burada olmasından istifadə edərək demək istəyirəm ki, texniki təhsilə xüsusi diqqət verilməlidir.
Bütün sahələrdə dinamik  artım göz qabağındadır. İqtisadiyyatın bütün sahələrinin artımı yüksələn xətlə davam edir. Bütün bu işlər Azərbaycan Respublikasının Prezidenti, Azərbaycanı bütün dünyaya tanıdan cənab İlham Əliyevin apardığı düzgün iqtisadi siyasətin nəticəsidir. Əlbəttə, hər bir Azərbaycan vətəndaşının qayğısı mənim qayğımdır, amma mən məcburi köçkün rayonundan millət vəkili seçildiyim üçün xüsusilə  məcburi köçkünlər üçün yaradılmış bu münbit sosial şəraitə, tikilmiş evlərə görə təkcə Cəbrayıl deyil, bütün Qarabağ seçiciləri adından cənab Prezidentə bir daha minnətdarlığımı bildirirəm.
Bundan başqa, Baş nazir hörmətli Artur müəllimin fəaliyyətini qeyd etməmək olmaz. Bayaq həmkarlarımdan kimsə Artur müəllimin insani keyfiyyətlərindən danışdı. İnsani keyfiyyətləri ilə bərabər, Artur müəllim çox böyük işgüzar diapazona malik insandır. Artur müəllim  mühəndislikdən başlayıb, ölkənin Baş naziri kimi yüksək bir vəzifə tutub. Həmişə də dözümü, səmimiyyəti ilə seçilib. Artur müəllim, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılmasına görə Sizə bir daha minnətdarlığımı bildirirəm.
Maliyyə nazirinin fəaliyyəti də yüksək qiymətləndirilməlidir. Bundan başqa,  hesabatda hər şey əyani şəkildə diaqramlarla qeyd olunub. Bütün sahələrdə ildən-ilə artımlar var. Bundan başqa, infrastrukturun dəyişdirilməsi, yol tikintisi, sənayenin inkişafı öz əksini tapıb. Bilirsiniz ki,  hələ sovetlər dönəmində xüsusilə Bakı şəhərinin su təminatında müəyyən problemlər vardı. Bu gün o problemlər, demək olar ki, həll olunub. İndi artıq rayonlarda su qovşaqlarının tikilməsinə, əhalinin içməli su ilə təmin olunmasına çox geniş fikir verilir. 
Bayaq qeyd etdiyim kimi, mən də bu hesabatı bəyənirəm və həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli hökumət üzvləri, hörmətli həmkarlar və media mənsubları! Hər bir ölkənin inkişafının göstəriciləri ilk başda rəqəmlərlə ifadə olunur. Bu gün açıqlanan rəqəmlərin arxasında da, təbii ki, ölkənin inkişafı dayanır. Bu rəqəmlər cənab Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən mükəmməl fəaliyyətin, hədəflənən uğurlu strategiyanın aynasıdır.  Bu uğurların nəticəsidir ki, Azərbaycan bu gün bir çox nüfuzlu beynəlxalq təşkilatların üzvünə və bu təşkilatların həyata keçirdiyi tədbirlərin əhəmiyyətli iştirakçısına, regionun ən güclü ölkəsinə çevrilmişdir. Bizim artıq son illərdəki ən başlıca hədəfimiz dünyanın inkişaf etmiş ölkələri sırasına qatılmaqdır. Əminik ki, bugünkü yüksəliş tempi ilə Azərbaycan ən qısa zamanda bu hədəfinə də nail olaraq iqtisadi cəhətdən yüksək inkişaf etmiş 20 dünya ölkəsinin birinə çevriləcəkdir.
Nazirlər Kabinetinin 2013-cü ildəki fəaliyyəti də digər illərlə müqayisədə yüksələn templə davam etmişdir. Geniş və ətraflı şəkildə hazırlanaraq diqqətimizə təqdim edilən hesabatı tam olaraq dəstəkləyirəm və bu layihəyə səs verəcəyimi bildirirəm. 
Mən daha əvvəlki illərdə, eyni zamanda, ötən ildə seçildiyim rayonlarla bağlı qaldırdığım məsələlərin bir qisminin artıq öz həllini tapmasını xüsusi olaraq qeyd etmək istəyirəm. Bunun üçün hökumətə təşəkkür edirəm. Eyni zamanda, hələlik həllini gözləyən bir neçə məsələni də xatırlatmağı özümə borc bilirəm.
Seçildiyim Zərdab rayonunda şəhid və Qarabağ əlilləri üçün yaşayış binasının tikilməsi, qəzalı vəziyyətdə olan Zərdab peşə liseyinin və  qaçqınların məskunlaşdığı yataqxananın əsaslı təmiri, şəhərə kanalizasiya xəttinin çəkilişinin sürətləndirilməsi,  tikildikdən bəri heç bir zaman təmir edilməyən şəhər mədəniyyət mərkəzinin əsaslı təmir edilməsi, qəzalı vəziyyətdə olan Tarix diyarşünaslıq muzeyi üçün yeni binanın tikilməsi, açılışında ölkə Prezidenti cənab İlham Əliyevin iştirak etdiyi Gənclər mərkəzinin tam fəaliyyətə başlaması üçün ştatların ayrılması, “32 hektar”  adlanan ərazidə tikilən məktəbin fəaliyyətə başlaması üçün maliyyə vəsaitinin ayrılması, eyni zamanda, Ucar rayonunun 6583 nəfər əhalisi, 3 seçki məntəqəsi olan Bərgüşad kəndində heç vaxt mövcud olmayan  mədəniyyət evinin tikilməsi, qaz xəttinin çəkilişi işlərinin  sürətləndirilməsi, Lək kəndində mədəniyyət  evinin əsaslı təmir edilməsi, Zərdab–Ucar, Zərdab–Ağcabədi magistral yolunun təmiri işlərinin başladılması məsələlərini diqqətinizə çatdırır və qarşıdakı hesabat ilində nəzərə alınmasını sizdən xahiş edirəm.
Hörmətli hökumət üzvləri, toxunmaq istədiyim digər 2 məsələ isə ümumrespublika xarakterli və daha çox mənəviyyatımızla bağlıdır. Son zamanlar özəl televiziya kanalları tez-tez tənqidə məruz qalır. Bu kanallarda daha çox şou xarakterli verilişlərə üstünlük verildiyi, ciddi və maarifləndirici mövzuların kölgədə qaldığı, əsl sənətin arxa plana  keçdiyi, bu vəziyyətin xüsusilə yetişməkdə olan nəslə mənfi təsir göstərdiyi haqqında fikirlər səslənir. Bu məsələ, əslində, başqa bir müzakirənin mövzusudur. Lakin qısaca olaraq demək istədiklərimiz bundan ibarətdir ki, gəlin, qəbul edək ki, özəl kanallar reklamdan və reklamçıdan asılıdırlar.
Bundan bir neçə il əvvəl Azərbaycanda televiziya seriallarının istehsalında böyük bir böhran yaşanırdı. Ölkə Prezidentinin bu sahəyə də göstərdiyi diqqət nəticəsində özəl kanallara serial çəkilişi üçün 6 milyon manat vəsait ayrıldı. Bu çox əhəmiyyətli bir addım idi.  Ötən illərlə müqayisədə  biz indi serialların çəkilişində bir sıçrayış, inkişaf hiss edirik. Hesab edirəm ki, milli-mənəvi dəyərlərimizin qorunmasına, Azərbaycan tarixinin, mədəniyyətinin, ədəbiyyatının, coğrafiyasının, əsl sənətin tətbiq və təbliğ edilməsinə daha münbit şərait yaradılması məqsədi ilə bu səpkili verilişlərin hazırlanması üçün özəl telekanallara büdcədən müəyyən vəsait ayrılmalıdır. Özəl telekanalları reytinqdən asılılığın pəncəsindən xilas etmək lazımdır. Bu məsələ həm də milli ideologiyanın həyata keçirilməsinin ayrılmaz bir parçası kimi qəbul edilməlidir.
Toxunmaq istədiyim digər məsələ isə bu gün küçələrə vətənin bütövlüyü, torpaqlarımızın toxunulmazlığı uğrunda canlarından keçən oğullarımızın adlarının verilməsi ilə bağlıdır. Yaxşı olardı ki, onların adlarının qarşısına “şəhid” sözü yazılaydı. Qəbul edək ki, şəhidlərimizi lazımi səviyyədə tanıda bilmirik. Onlar, belə deyək ki, incəsənət, mədəniyyət, şou adamları qədər, təəssüf ki, populyar deyillər. Heç olmasa, adlarının əbədiləşdirildiyi küçələrdə lövhələrə  “şəhid”  kəlməsi yazılsa, bu həm gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə almasında maarifləndirici rol oynayar, həm də ən yeni tariximizin yeni bir silinməzlik simvoluna çevrilər.
Çıxışımın sonunda mən də başda ölkə Prezidenti İlham Əliyev  olmaqla hər birinizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm və bundan sonrakı fəaliyyətinizdə sizə uğurlar diləyirəm.  Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli hökumət üzvləri, millət vəkilləri, media nümayəndələri! Mən də hər birinizi qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm, xalqımıza, hər birinizə uğurlar arzulayıram.
Bu gün hökumətin hesabatı ilə tanış olanda görürük ki, büdcə gəlirləri  2013-cü ildə 19 milyard 494 milyon manat olub. Bunun 11 milyard 350 milyonu Dövlət Neft Fondundan transfert hesabına əmələ gəlib. Qeyri-neft sektoru üzrə cəmi 3 milyard 400 milyon manat büdcəyə vəsait daxil olub. Bu da, hesab edirəm ki,  çox az bir vəsaitdir, büdcənin ancaq altıda birini  təşkil edir.
Biz bu gün Ukrayna ətrafında baş verən proseslərlə tanışıq. Görürük ki, dünyada ikili standart var, beynəlxalq hüquq deyilən bir şey yoxdur. Kim güclüdürsə, beynəlxalq hüququ istədiyi kimi təsvir edir və öz milli maraqlarını istədiyi formada da həyata keçirir. Bu gün artıq Qərblə Rusiya arasında soyuq müharibə açıq müstəviyə keçir. Ona görə də Qərb çalışacaq ki, bütün gücü ilə enerji daşıyıcılarının qiymətini aşağı salsın. Vaxtilə Sovet İttifaqı da məhz neftin qiyməti 11 dollara düşdüyünə görə  çökdü. Ona görə ki, iqtisadiyyat, əsasən, xammalın satışına görə formalaşır.  Mən  həmişə bizim hökumətin Dövlət Neft Fondunun vəsaitlərini ölkənin ehtiyacları üçün xərclədiyini təqdir etmişəm və onu da söyləmişəm ki, xaricdə böyük miqdarda vəsaitin saxlanması sabitlik üçün böyük təhlükədir. Hər zaman bu məsələdə hökuməti diqqətli olmağa çağırmışam.
Hesablama Palatasının bizə təqdim etdiyi rəqəmlərdən görünür ki, illik gəlirlilik təqribən 0,89 faizdir. Amma burada da qeyd olundu ki, banklar bəzi hallarda 34–35 faizə qədər kreditlər verirlər. Ona görə də bunun bir hissəsini Azərbaycanın yerli banklarına gətirmək lazımdır. Amma axırıncı dəfə Milli Bankın sədri mənə cavab verdi ki, nəinki 2 milyard, – mən demişdim ki, heç olmasa, 2 milyard manat gətirilsin, –  ondan da artıq vəsaiti gətirib xərcləyirik. Mən bilmədim, mənim sualıma bu cavabın nə aidiyyəti var? Pulun xərclənməsi başqa şeydir, amma banklarımız vasitəsi ilə onun sahibkarlara kredit şəklində verilməsi tamam başqa məsələdir. Amma indi istərdim ki, hökumət üzvləri buna bir aydınlıq gətirsinlər. Niyə 0,89 faizlə xaricdə vəsait saxlanılır, amma onun 2 milyardı Azərbaycan banklarında yerləşdirilmir? Bu həm hökumətin bizim banklara etimadını artırar, həm də insanlar görərlər ki, hökumət özü banklara etibar edir. Belə olarsa, onlar da  vəsaitlərini xaricə çıxarmaz, öz banklarımızda saxlayarlar.
Mən mətbuatdan eşitdim ki, hökumətdə maliyyə amnistiyasının elan olunması ilə bağlı müzakirə gedir. Bu çox ağıllı və düşünülmüş bir addım olardı, buna çox böyük ehtiyac var. Mən hər zaman təklif edirəm ki,  regionları inkişaf etdirmək üçün təkcə iri şəhərlərdə, Bakıda yox, həm də regionlarda sənaye parkları yaradılsın. Regionlarda yaradılan sənaye obyektləri də müəyyən müddətə vergilərdən azad olunsun ki, ora investisiya yatırmağa  sahibkarların marağı olsun. 
Bundan başqa, hörmətli Baş nazir söylədi ki, qeyri-neft sektorunda artım 10 faizdir. Əlbəttə, bu, müsbət haldır. Amma hesab edirəm ki, qeyri-neft sektorunun inkişafı üçün hökumət çox layihələr həyata keçirməlidir. Bu məqsədlə də təklif etmişdim ki, biz Naxçıvanı minik avtomobilləri istehsal edən bir mərkəzə çevirə bilərik. Bu gün Naxçıvanda Çindən gətirilən hissələr hesabına avtomobillər yığılır. Amma biz ona nail ola bilərik ki, avtomobillərin ehtiyat hissələri Naxçıvanın müxtəlif rayonlarında istehsal olunsun. Gəncəni kənd təsərrüfatı və yük avtomobilləri istehsal edən böyük bir mərkəzə çevirə bilərik. Bu istiqamətdə böyük vəsaitlərin yatırılmasına, investisiya qoyulmasına çox  ehtiyac var.
Hörmətli həmkarım Musa müəllim söylədi, mən də dəfələrlə vurğulamışam ki, Naxçıvan blokada vəziyyətindədir və buranın inkişafı üçün Qarsdan Naxçıvana dəmir yolunun çəkilməsini Azərbaycan hökuməti ucuz faizlərlə kreditləşdirə bilər. Necə ki, bu gün biz Gürcüstana aid hissədə Bakı–Tbilisi–Qars dəmir yolunun  çəkilməsini maliyyələşdiririk. Yəni bu nə qədər müsbət bir haldırsa, hesab edirəm ki, Qarsdan da Naxçıvana dəmir yolunun  çəkilməsi regionun inkişafına və Naxçıvanın blokada vəziyyətinin qismən yüngülləşdirilməsinə öz töhfəsini verə bilər. 
Məni narahat edən başqa bir məsələ ilə bağlı, Oqtay müəllim,  söylədiniz ki, qanun qəbul edəcəyik. Bilirsiniz ki, dini təriqətlər Azərbaycanda cahil insanları təbliğat nəticəsində ayrı-ayrı cinayətkar qruplara cəlb edirlər, onları dini müdafiə adı altında xarici ölkələrə göndərirlər. Amma bunun qarşısını inzibati metodlarla almaq olmaz. Əlbəttə, bunu bir müddət səngitmək olar, amma  mütləq televiziyalarda bu məsələ ilə əlaqədar ciddi maarifçilik işləri aparılmalıdır. Məsələn, bizdə AzTV var idi. “İctimai” TV-ni AzTV-yə çevirməyin  nə mənası var idi? Heç olmasa, hərdənbir müxtəlif  ictimaiyyət nümayəndələri ora dəvət edilirdi, müxtəlif mövzular müzakirə olunurdu və əhali məlumatlandırılırdı. Özü də insanlar ora maddi durumuna görə dəvət olunmurdu. Yəni mən onu söyləmək istəyirəm ki, mütləq hökumət bu barədə düşünməli və maarifçilik işi gücləndirilməlidir.
İkincisi, ölkədə sosial ədalət gücləndirilməlidir. İnsanlar nə vaxt dinə xüsusi olaraq meyillənirlər? O zaman ki, ölkədə  sosial ədalət  qorunmur. İnsanlar əmin olmalıdırlar ki, onlar hüquqlarını məhkəmə sistemində qoruya biləcəklər. Mən dəfələrlə demişəm ki, Andlı iclasçılar institutu 2000-ci ildən qanunvericiliyimizə daxil edilib və nəhayət, bunun tətbiqinə  başlamaq lazımdır. İnsanlar özləri ədalət mühakiməsinin həyata keçirilməsində birbaşa iştirak etsinlər. Bu həm də cinayətkarlığın qarşısının alınmasına öz töhfəsini vermiş olar. Çünki insanlar orada andlı iclasçı kimi iştirak edəndə  görürlər ki, cinayət törətmiş şəxslər, onların ailə üzvləri hansı məhrumiyyətlərlə üz-üzə qalırlar. O prosesdə birbaşa iştirak edirlər, onu yaşayırlar.
Məni ciddi narahat edən başqa bir məsələni mətbuatda oxudum və bu  rəqəmin nə qədər doğru olduğunu deyə bilmərəm. Hörmətli Oqtay müəllim, səhiyyə nazirimiz buradadırsa, bu məsələyə aydınlıq gətirər. Əhalinin təqribən 10 faizə qədəri  C virusuna yoluxub. Mən gözlədim ki, bəlkə bir aydınlıq gətirilər, amma çox təəssüf. Bu çox dəhşətli bir rəqəmdir. Bunun, bilirsiniz ki, 20 min dollara qədər bahalı bir müalicəsi var. Bəzən də müalicə heç effekt vermir. Bu artıq genefondumuz üçün böyük bir təhlükəyə çevrilib. Mən keçən dəfə də söylədim. Çox təəssüf ki,  insanların bir çoxu təbliğatın nəticəsində müalicə üçün xarici ölkələrə gedir və bir çox hallarda da elə virus daşıyıcıları kimi ölkəmizə qayıdır. Bu xəstəlik qan vasitəsi ilə yoluxur. Ona görə də bizdə bu istiqamətdə  ciddi islahatların aparılmasına ehtiyac var.
Mən dəfələrlə söyləmişəm ki, Azərbaycan  bazar iqtisadiyyatına keçmiş bir ölkədirsə, bu qədər dövlət səhiyyə obyektlərinin olmasına nə ehtiyac var? Bunun özəlləşdirilməməsinin səbəbləri nədir? Hamımız bilirik ki, dövlət onlara yüksək səviyyədə maaş verə bilmir. Maaş verə bilmirsə, deməli, orada başqa neqativ hallar baş verir. Yəni həkimləri artıq xəstələr dolandırırlar.
Təhsillə bağlı burada qeyd olundu. Mən hesab edirəm ki, xüsusi təyinatlı bir-iki akademiyadan başqa dövlət universitetlərinin hamısı özəlləşdirilməlidir. Dövlət  o yükdən xilas olmalıdır və universitetlərin ödədiyi vergilər hesabına orta məktəb müəllimlərinin maaşları dəfələrlə qaldırılmalıdır ki, “repetitor”luq məsələsinə son qoyulsun.
Gəlin, bir sorğu keçirək. Gedək ali məktəblərə və uşaqlardan soruşaq ki, kim “repetitor” yanına getmədən universitetlərə daxil ola bilib? Barmaqla sayılacaq  tələbələr tapa bilərik, ya da ümumiyyətlə, tapa bilmərik. Söyləyirik ki, orta təhsil pulsuzdur. Amma valideyn övladını oxutmaq istəyirsə, məcburdur ki, repetitora pul versin. Dediyim kimi, orta məktəb müəllimləri bir çox hallarda maraqlıdırlar ki, uşaqlarla sinifdə yox, məhz öz evlərində məşğul olsunlar. Evlərinin bir otağını sinif otağına çeviriblər ki, orada şagirdlərə yüksək təhsil versinlər. Artıq zamanı gəlib çatıb, bu barədə də qərar qəbul etməliyik. Hesab edirəm ki, tələbələrə təhsil kreditlərinin verilməsi üçün də hökumət təcili addımlar atmalıdır.
Çox təəssüf ki, mənim vaxtım yekunlaşır. Mən hesab edirəm ki, hökumət çox işlər görür, amma ölkəmizi  indiki vəziyyətdən daha yüksəyə  çıxarmaq üçün görülən işlər yetərli deyil. Bir çox problemlər, sözsüz ki, xalqımızın inkişaf səviyyəsi ilə bağlıdır. Bu, hökumətin problemi deyil, amma onun da üzərinə çox böyük məsuliyyət düşür. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox təşəkkür edirəm, Oqtay müəllim. Bizə təqdim edilmiş hesabat kifayət qədər elmi əsaslara söykənən və peşəkarcasına hazırlanmış bir sənəddir. Bu da təbiidir, çünki bu hesabatı hazırlayan hökumət təcrübəli, müstəqilliyimizlə həmyaşıd olan qocaman bir hökumətdir.  Hökumətin builki hesabatında ilk dəfə  çıxış edən iki yeni  məmurumuz var. Biri iş prinsipi möhkəm təməl üzərində qurulmuş Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Niftəliyev, digəri isə təhsil naziridir. Mənim bütün həyatım təhsillə bağlı olduğu üçün hörmətli təhsil nazirinə arzu edərdim ki, onun adı təhsil tarixinə, sadəcə, filanıncı illərdə təhsil naziri işləyib kimi düşməsin, qurucu, yaradıcı və islahatçı bir nazir kimi daxil olsun.
2000-ci ildən mən bu hökumətin hesabatlarında iştirak edirəm. Burada bəzən təriflərin də xarakteri dəyişmir, tənqidlərin də. Ancaq tərif də, tənqid də o vaxt obyektiv görünə bilər ki, reallığa, kifayət qədər faktlara söykənsin. Ona görə də istərdim, fikirlərimi müqayisəli təhlil əsasında sizlərlə bölüşüm.
Gəlin, bir az geriyə, 2000-ci ilə qayıdaq. Azərbaycanda əhalinin 49 faizi yoxsulluq həddində yaşayır. O vaxt bu hökumətə tərif deyəndə mən, təbii ki, ona qarşı çıxırdım, çünki əhalisinin yarısı ac olan hökuməti tərifləmək olmaz. Bəs bu gün? Bu faiz, səhv etmirəmsə, artıq 6–7 arasındadır. Bax, bu, hesabatın özəlliklərindən biridir.
El arasında ən böyük qarğış belədir: “İşığın sönsün”. Hökumət bu millətin işığını gündə bir neçə dəfə yandırıb söndürürdü. Bəzən həftələrlə işıq üzünə həsrət qalırdıq. Baş rolda da “Barmek” iştirak edirdi. Bu gün necədir? Ölkəmizdə bu problem birdəfəlik həll olunub və Azərbaycan dünya enerji sisteminin iştirakçısına çevrilib.
Millətin mədəniyyətinin göstəricisi və dövlətin qüdrətinin ifadəsi yoldur. Bəhs etdiyim dövrdə Azərbaycan yolları bərbad vəziyyətdə idi. Bəs indi? At keçməyən cığırlardan beynəlxalq standarta uyğun yollar çəkilib. Mən fürsətdən istifadə edib hörmətli Samir müəllimə və Baş nazirə müraciət edirəm. 72 kilometrlik Cəlilabad–Yardımlı yolu ilə bağlı Prezidentin göstərişi olub. Təsəvvür edin ki, 8 ildir, bu yolun çəkilişi başa çatmır. Hörmətli Baş nazir, 40 min insan bu yolla bağlı bir ad seçib. Bu yola “Prezident yolu” deyirlər. Onu niyə yarımçıq qoymusunuz? Axı, “Prezident yolu” yarımçıq qalmamalıdır. Xahiş edirəm, pulun məhəbbətini  ürəyinizdən çıxarın, büdcədən bir az vəsait ayırıb o yolu başa çatdırın.
Cəmiyyətin ən həssas təbəqəsi qaçqın və köçkünlərdir. Evindən, eşiyindən didərgin düşmüş bu həssas təbəqənin zülm və məşəqqətli həyatı hər birimizin gözünün qabağındadır. Dövlət başçısının qayğısı və aidiyyəti qurumların çox ciddi işi nəticəsində artıq bu problem öz həllini tapmaq üzrədir. Bax, hesabatın ən böyük özəlliklərindən biri də budur.
2000-ci ildə bir arayış almaq üçün yolum özəlləşdirmə idarəsinə düşmüşdü. Böyük növbə var idi. Statusumdan istifadə edib bu əsəbi insanların növbəsinə girmədim. Məcbur olub növbəyə durdum. Ərizəmi bir həftəyə təqdim edə bildim. O vəziyyəti görəndə Fransada Bastiliya qalasına hücum səhnəsi gözümün qabağına gəldi. Bəs bu gün necədir? Bu gün hamımızın rəğbətlə qarşıladığımız ASAN xidmətin bütün prinsipləri artıq bir neçə ildir ki, orada həyata keçirilir. Bu gün “102” rəqəmi Azərbaycan üçün ən doğma rəqəm olub. Çünki insanların fəryadına çatan bu nömrə ilə problemlər həll edilir. Bu da kifayət qədər diqqət cəlb edən işdir.
Bilmirəm, həmkarlarım bilirlər, yoxsa yox, ədliyyə sahəsində aparılmış islahatlar Avropa Şurası və aidiyyəti qurumlar tərəfindən diqqət çəkən müsbət iş təcrübəsi kimi qəbul edilib. Mən istərdim, bunu xüsusi diqqətə çəkim.
2000-ci ildə kimin ağlına gələrdi ki, Azərbaycan bu gün Kosmos klubunun üzvü ola bilər. Bütün bunların hamısı kifayət qədər diqqət çəkən işdir. Yəni birillik hesabatda bəzən zaman daxilində mümkün olmayan işlər uzunmüddətli bir vaxt tələb edir. Ona görə çox şeylər bu hesabatda öz əksini tapmamışdır. Mən hesab edirəm ki, Azərbaycanın regionda qüdrətli dövlətə çevrilməsi, dünya siyasətində öz sözünü deməsi Prezidentin rəhbərliyi altında məhz bu hökumət tərəfindən həyata keçirilir. Hesabat müsbətdir, bunu qəbul etmək olar.
Ancaq sual olunur, hökumətin qüsur və nöqsanları yoxdurmu? Kifayət qədər var. Bunu məhəlləyə, küçələrə aparmaq və sair formada yox,  dövlətin apardığı siyasət müstəvisində ortalığa qoymaq daha düz olar.  Hökumət üzvləri ilə Prezidentin son görüşündə bu suala da kifayət qədər açıq formada cavab verilib. Bizim uğurlarımıza mane olan amillər bəzən elə bu görülən işlər qədər qlobal görünür. Azərbaycan məmləkətində hər kəs hamını tanıyır. Hansı məmurun özünü necə aparması, cəmiyyətdə  iştirakı, əməlləri hər bizimizə məlumdur. Bunu gizlətmək mümkün deyil. Mənim hökumətə arzum ondan ibarət ola bilərdi ki, bu görülən böyük qlobal işlərə kölgə salan məqamlardan bir balaca çəkinsinlər. Nəfsin ağıla bələdçilik etdiyi yerdə heç vaxt insan işıq tərəfə gedə bilmir. Biz bir az nəfsimizə qalib gəlməliyik. Əgər biz nəfsimizin qarşısında dura bilsək,  işlərimiz bundan daha artıq uğurlu, dövlətimiz daha qüdrətli ola bilər. Bu işdə hökumətimizə uğurlar arzu edirəm və hesabata səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlarımız! Müsbət haldır ki, Nazirlər Kabinetinin hesabatının müzakirəsi zamanı biz hər dəfə iqtisadi, sosial, müdafiə və digər sahələrdə  ölkəmizin inkişafının əyani şahidi oluruq. Fikir verin, əvvəlki illə müqayisədə 2013-cü ildə ümumi daxili məhsul 5,8 faiz artıb. 2013-cü ildə iqtisadiyyatın qeyri-neft sektoru 10 faiz artıb, ümumi daxili məhsulda  payı 43,4 faizə yüksəlib. Bunlar ürəkaçan rəqəmlərdir. 2013-cü ildə ölkədə iqtisadiyyatın inkişafına, müxtəlif sosial və infrastruktur layihələrin həyata keçirilməsinə yönəldilən investisiyaların 62,4 faizi daxili, 37,6 faizi xarici mənbələr hesabına maliyyələşdirilmişdir. Halbuki 10 il əvvəl daxili mənbədən maliyyələşmə cəmi 22,1 faiz təşkil edirdi. Bütün bunlar böyük və şərhsiz uğurlardır.
Burada hökumət nümayəndələrinin olmasından istifadə edərək bəzi fikirlərimi onlarla bölüşmək istərdim. Belə ki, ixrac və idxalın strukturuna nəzər salsaq, görərik ki, idxalın strukturunda xam neft və neft məhsulları  heyf ki, böyük üstünlük təşkil edir. Halbuki digər sahələrdə bizim böyük potensialımız var və onları daha yüksək templə inkişaf etdirmək lazımdır. İdxalın strukturunda isə ərzaq məhsulları, qara metal məmulatları, sement  xüsusi yer tutur. Lakin bu məhsullar bizim özümüzdə istehsal olunur. Hesab edirəm ki, bu sahədə daxili istehsalın artımını təmin etməklə idxaldan asılılığı tez bir zamanda aradan qaldırmalıyıq.
Həmişə olduğu kimi, yenə də sosial sahəyə diqqət ayırmaq istərdim. 2003-cü illə müqayisədə 2013-cü il dövlət büdcəsinin cari xərclərində sosial yönümlü xərclərə 7 dəfədən çox vəsait sərf edilmişdir. Bundan başqa, Dövlət Neft Şirkətinin Fondundan qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması üçün 300 milyon manat xərclənmişdir.
Bununla belə, diqqəti başqa qrup vətəndaşların mənzil şəraitinə yönəltmək istərdim. Belə ki, millət vəkili olaraq seçicilərlə keçirdiyim görüşlər zamanı qəbuluma gələn Qarabağ müharibəsi əlilləri, şəhid ailələri, məhdud sayda Çernobıl və Əfqanıstan veteranları mənzil problemləri ilə bağlı daim müraciət edirlər. Fikir verin, artıq 20 ildən çoxdur ki, bu insanlar mənzil növbəsindədirlər. Əksəriyyəti də əsəb və digər xəstəliklərdən əziyyət çəkən insanlardır. İstərdim ki, nəhayət, sayı yüzlərcə olan bu insanların mənzil problemini “Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na daxil edək və hər il, heç olmasa, 100–120 ailəyə fərdi evlər və ya mənzillər tikməklə bu məsələni də birdəfəlik kökündən həll edək. Mənə elə gəlir ki, indiki inkişaf mərhələsində bu tamamilə mümkündür. Hərbi qulluqçular üçün də mənzil tikilməsi prosesi, məncə, sürətləndirilməlidir.
Məni narahat edən digər bir məsələ də sahilətrafı ərazilərin, xüsusən ictimai çimərliklərin vəziyyəti ilə bağlıdır. Bu yaxınlarda millət vəkillərimiz hasarlardan danışdılar. Mən də əvvəllər hasarların əleyhinə idim. Amma indi istərdim ki, bütün sahilim hasarla əhatə olunsun. Gəlin, Şüvəlan, Mərdəkan, Buzovna qəsəbələrindəki pulsuz çimərliklərə nəzər salaq. Deyərdim ki, Balaxanıdakı zibilxana oradan daha səliqəli və təmizdir. Çimərliklərin bu hala düşməsində, əlbəttə ki, özümüz günahkarıq. Amma bizimlə yanaşı, dövlət qurumları da məsuliyyət daşıyırlar. Xəzər Rayon İcra Hakimiyyəti, bələdiyyə mütəmadi olaraq həmin əraziləri təmizləməli olduğu halda, məsələn, mən keçən il ərzində bir dəfə də olsun orada təmizlik işinin aparılmasını görmədim. Halbuki ictimai çimərliyə bitişik olan özəl çimərliklərdə daim təmizlik təmin olunur. Bu da suallara cavabdır. Qarşıdan yay mövsümü gəldiyi üçün ictimai çimərliklərin və ümumiyyətlə, sahilətrafı ərazilərin ekoloji vəziyyəti daha böyük aktuallıq qazanır.
İstərdim ki, təmizliyə riayət olunması işində hər bir qurum “Təmiz Şəhər” ASC-dən ibrət götürsün. Qısa bir zaman ərzində mövcud olmasına baxmayaraq, bu təşkilat Bakı şəhərinin tullantılardan təmizlənməsi istiqamətində əhəmiyyətli işlər görüb. Məsələn, 2013-cü ildə bərk məişət tullantılarının yandırılması zavodu 350 tondan çox tullantı yandırmaqla əldə etdiyi elektrik enerjisini “Bakıelektrikşəbəkə”yə satmış və 4 milyon manata yaxın vəsait əldə etmişdir. Eyni zamanda, Bakı və ətraf rayonlarda təmizliyin təmin olunması, texniki suların göllərə axıdılmasının qarşısının alınması, ekoloji vəziyyətin yaxşılaşdırılması, meşə zolaqlarının, parkların salınması üzrə işlər də “Təmiz Şəhər” ASC tərəfindən həyata keçirilir. Buna görə də təklif edərdim ki, bütün ictimai çimərliklərin təmizlənməsi problemi də məhz bu quruma etibar edilsin. Hökumət rəhbərliyinə minnətdarlığımı bildirmək istəyirəm ki, keçən hesabatlarda Masallıda Hişkədərə Tarix-diyarşünaslıq muzeyinin tikintisi, əksər səhiyyə ocaqlarının təmirə ehtiyacı olması ilə bağlı qaldırdığımız məsələyə olumlu yanaşılmış və bu sahələrdə artıq əməli işlər başlanılmışdır.
Fürsətdən istifadə edərək Masallı ilə bağlı daha iki məsələni nəzərinizə çatdırmaq istərdim. Bunlar Masallı rayonunun su və qaz təchizatı ilə bağlıdır. Belə ki, rayonda su və qaz təchizatı sahəsində Prezidentimizin təşəbbüsü, xeyir-duası ilə böyük layihə həyata keçirilməyə başlanıb və artıq xeyli işlər də görülüb. Amma nədənsə qaz məsələsində bu proses çox ləng gedir. Xahiş edirəm ki, bu istiqamətdə işlərin sürətləndirilməsi üçün tədbirlər görülsün. Arzu edərdim ki, Masallıda yeni məktəb binalarının tikintisi problemi də yaxın illərdə öz həllini tapsın. Ona görə ki, bizim rayonumuzda qəzalı vəziyyətdə olan məktəb binalarının  sayı hələ də kifayət qədərdir. Ümumiyyətlə, Nazirlər Kabinetinin işini  çox yüksək qiymətləndirirəm və hesabatın lehinə səs verəcəyəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən . Sağ olun. Asəf Hacıyev.
A.Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri, hörmətli qonaqlar! Hörmətli Baş nazirin hesabatından göründü ki, Azərbaycanda bir çox sahələrdə inkişaf müşahidə olunur. Amma sözsüz ki, siyasətsiz iqtisadiyyat və iqtisadiyyatsız siyasət yoxdur. Ona görə 2013-cü ilin ən önəmli hadisəsi ondan ibarət idi ki, cənab İlham Əliyev yenidən Azərbaycan Respublikasının Prezidenti seçildi. Bugünkü hesabatdan görünür ki, cənab Prezidentin təklif etdiyi siyasət Azərbaycanı çox uğurlu gələcəyə aparır.
Bu siyasətin kökünü nə təşkil edir? Hesab edirəm ki, ilk növbədə bu, müasir siyasətdir. Bu gün iqtisadiyyatda müasirlik nədən ibarətdir? Bu gün iqtisadiyyatda müasirlik bir neçə istiqamətdən ibarətdir. Mən xüsusi olaraq informasiya-kommunikasiya texnologiyaları haqqında bir neçə söz demək istəyirəm. Bilirsiniz, cənab Prezident tərəfindən 2013-cü il Azərbaycanda “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olundu və Azərbaycanın ilk peyki orbitə çıxdı. Azərbaycan əhalisi 20 milyondan çox olan ölkələr sırasında bəlkə də nadir bir ölkədir ki, artıq onun öz peyki var. 2015–2017-ci illərdə daha iki peykin orbitə çıxması nəzərdə tutulur.
Nə üçün bu gün dünya informasiya texnologiyalarına belə ciddi yanaşırıq? Əgər əvvəllər ölkənin varı-dövləti onun təbii sərvətləri ilə ölçülürdüsə, bu gün dünya dəyişib. Bu gün dünya ölkələrinin varlığı informasiya-kommunikasiya texnologiyalarının səviyyəsi ilə ölçülür və  XXI əsrdə dünya tam dəyişib. Əgər əvvəllər texnologiyalar elmə xidmət edirdisə, bu gün elm texnologiyalara xidmət edir.
Baxın, bu gün dünyada elmə 1,2 trilyon, informasiya-kommunikasiya texnologiyalarına isə 4 trilyon ABŞ dolları xərclənir. Bu da dünyanın ümumi daxili məhsulunun təxminən 7 faizini təşkil edir. Ümumiyyətlə, ekspertlərin qənaətlərinə görə gələcəkdə dünyanın ümumi daxili məhsulunun təxminən 80 faizi məhz informasiya-kommunikasiya texnologiyalarından gələcək. Ona görə hesab edirəm ki, Azərbaycanda çox düzgün bir siyasət həyata keçirilir. Azərbaycan inkişafda olan ölkə olmasına baxmayaraq, bu göstəriciyə görə bir çox inkişaf etmiş ölkələri geridə qoyubdur.
Amma informasiya-kommunikasiya texnologiyalarının kökündə, təbii ki, təhsil durur. Bununla bağlı mən cənab Prezidentin bir sərəncamını xüsusi qeyd etmək istərdim. Bilirsiniz ki, cənab Prezident bir neçə il bundan qabaq bir sərəncam imzaladı. Bu sərəncama əsasən 5 mindən çox Azərbaycan gənci dünyanın aparıcı ali məktəblərində təhsil alacaqdır. İndi gəlin, baxaq, görək bu sərəncamın kökündə nə durur? Söhbət dünyanın aparıcı universitetlərindən gedir.
Bu gün dünyanın aparıcı universitetlərində, sadəcə, təhsil haqqı  təxminən 40–50 min ABŞ dolları təşkil edir. Bunun üzərinə yaşamaq haqqını, bileti də gəlsək, bu, təxminən ildə 70–80 min ABŞ dolları təşkil edir. Burada söhbət aparıcı ali məktəblərdən gedir. Amma elə ali məktəblər də var ki, onlar dünyanın 300–400 ali məktəbinin sırasındadır. Orada təhsil haqqı təxminən 10–15 min ABŞ dolları təşkil edir.
Ona görə, hesab edirəm ki, əgər biz seçim qarşısında qalırıqsa, düşünməliyik. Bir tələbəni o aparıcı universitetə, yoxsa onun əvəzinə 4 tələbəni 300 universitet sırasında olan ali məktəbə göndərək? Biz ilk növbədə tələbəni, bax, o aparıcı universitetə göndərməliyik. Çünki biz kiçik bir ölkəyik, 9,5 milyon nəfər əhalimiz var. Bir gəncin tanınmış bir ali məktəbi qurtarıb Azərbaycana gəlməsi, hesab edirəm ki, Azərbaycan dövlətçiliyinə xidmət edə bilər. Ona görə hesab edirəm ki, Təhsil Nazirliyinin internetdə yerləşdirdiyi siyahıda göstərilməlidir ki, biz, tutaq ki, dünyanın 50 universitetinin siyahısında olan məktəblərə önəm veririk. Bu da gənclərimizi ruhlandıracaq. Çünki gənclər görsələr ki, dövlət buna önəm verir, onda bu universitetlərdə oxumağa cəhd edəcəklər. Bu sərəncamın imzalanmasından bir neçə il keçibdir. Dünyanın ən yaxşı 10 universitetinin siyahısına daxil olan ali məktəblərdə praktiki olaraq bizim gənclər daha təhsil almırlar? Hesab edirəm ki, hökumət bu məsələyə xüsusi diqqət yetirməlidir.
Bir məsələyə də toxunmaq istəyirəm. Bu, Azercellə bağlıdır. Bu gün Azercelldə belə bir xidmət var. Əgər siz internetə qoşulursunuzsa və onlardan internet paketi seçmirsinizsə, onlar sizdən xəbərsiz sizin telefonunuza müxtəlif internet paketləri yükləməyə başlayırlar. Bu da bir insana ayda təxminən 800–900 manata başa gəlir. Onlara müraciət edəndə də deyirlər ki, bizim sistem belə çalışır. Necə ola bilər ki, insanın xəbəri olmadan onun telefonuna bu qədər şey yüklənir? Deyirlər ki, gəlin, bizdən 20, 30, 40 manatlıq paket götürün. Niyə mən paket almalıyam? Mən internetə qoşulmaq istəyirəm, heç bir paketə də ehtiyac yoxdur. Əgər telefonuma nə isə yükləmək istəyirsinizsə, əvvəlcə bunu məndən soruşun. Şəxsən mən bir neçə dəfə buna rast gəlmişəm. Tanışlarım da mənə danışırlar, bəzi insanları məcbur edirlər ki, ayda 800–900 manat pul  ödəsinlər. Bu, qəbulolunmazdır. Hökumət bu istiqamətdə də müəyyən tədbirlər görməlidir və bu sistem aradan qaldırılmalıdır.
Hesab edirəm ki, hörmətli Baş nazir tərəfindən hesabat həmişə olduğu kimi, yüksək səviyyədə hazırlanmışdır. Mən buna səs verəcəyəm və hamınızı da səs verməyə çağırıram. Fürsətdən istifadə edib hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm və hamınıza can sağlığı, uğurlar arzulayıram.
Sədrlik edən. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Mən də hesab edirəm ki, hökumətimizin ötən ildəki fəaliyyəti uğurlu olmuşdu. Ötən il həm də onunla əlamətdardır ki, Azərbaycanın sosial-iqtisadi inkişafının yeni mərhələsinin ilk 10 ili tamam oldu. Bu 10 il ərzində Azərbaycan böyük uğurlara imza atdı. Ümumi daxili məhsulumuz, dövlət büdcəmiz artdı, valyuta ehtiyatları xeyli möhkəmləndi. İşsizlik xeyli aradan qaldırıldı, yoxsulluq minimum səviyyəyə düşdü, əhalinin pul gəlirləri dəfələrlə artdı, əmanət banklarında əhalinin yığımları yüksəldi. Bunlar bəlkə də başqa dövlətlərin 50, 100 illərlə əldə edə bilməyəcəyi uğurlardır.
Bu, ilk növbədə, ümummilli lider Heydər Əliyevin qurduğu dövlətin, cənab Prezidentin yönəltdiyi iqtidar komandasının,  Azərbaycan xalqının və xalq – Prezident birliyinin uğurudur. Məhz bu uğurun əyani nümayişidir ki, ötən ilin oktyabrında keçirilən Prezident seçkilərində Azərbaycan xalqı yekdilliklə iştirak etdi və cənab İlham Əliyevin növbəti dönəmdə prezidentliyi üçün möhtəşəm qələbəsini təmin etdi.
Ötən il regionların sosial-iqtisadi inkişafı üzrə dövlət proqramının ikinci mərhələsi başa çatdı. İkinci mərhələdə də bu proqram regionlarımızda həm infrastruktur, həm sənaye və istehsal komplekslərinin yaradılması, həm də iş yerlərinin açılması baxımından çox əhəmiyyətli oldu. Məhz bu görülən işlərin nəticəsidir ki, Azərbaycanda ildən-ilə qeyri-neft sektorunun ümumi daxili məhsulda payı artır. Mən çox arzu edərdim ki, ümumi daxili məhsulda qeyri-neft sektorunun payı artdığı kimi,  ixrac potensialımızda da qeyri-neft sektorunun çəkisi artsın. Bu ilin hesabatında göstərilir ki, ixrac strukturunda qeyri-neft sektorunun payı cəmi 8 faizə yaxındır. Bu o qədər də arzu ediləcək bir hal deyil.
Əhalinin məşğulluq səviyyəsi, sığortaya cəlb olunmasının şəffaflığı ilə bağlı da ciddi uçot və nəzarət xarakterli tədbirlərin görülməsinə ehtiyac vardır.  Hesabatda göstərilir ki, ötən il Azərbaycanda 4 milyon 500 min nəfərdən çox əmək fəaliyyəti ilə məşğul olan əhali qeydə alınmışdır. Bunların  yarısı, yəni bir milyon yarımı muzdlu əməkdə işləyənlərdir. Təxminən 2 milyon 200 min nəfər sığortaya cəlb olunan aktiv vətəndaşımız var. Belə hesablamalar aparsaq, təxminən 2 milyona yaxın işləyən və ya kənd təsərrüfatı sektorunda çalışan vətəndaşın sığorta, vergi, əmək müqaviləsi və sairlə bağlı şəffaflıq aparılmasına çox ciddi ehtiyac var. Mən hesab edirəm ki, əgər bu tədbirlər də həyata keçirilərsə, bizim həm sığorta fondunun imkanları genişlənər, həm də, – gələn ildən hökumətin belə bir niyyəti var ki, icbari tibbi sığortanın tətbiqinə başlasın, – icbari tibbi sığorta üçün ciddi bir potensial əldə edilə bilər.
Ötən il minimum əmək haqqı artaraq 105 manata çatmışdır. Bu, özlüyündə yaxşı bir rəqəmdir. Amma açıq etiraf edək ki, bu gün minimum əmək haqqı sosial-iqtisadi göstərici olaraq heç bir informativliyə malik deyil. Hesab edirəm ki, artıq zaman çatmışdır ki, ölkə üzrə minimum əmək haqqı anlayışını diferensiallaşmış minimum əmək haqqına keçirək. Yəni ayrı-ayrı sahələrdə, təbii ki, əmək haqlarında xeyli fərqlər var idi. Minimum əmək haqqını da, tutaq ki, 5–7 sahə üzrə diferensiallaşdırsaq,  daha doğru olardı. Eyni zamanda, bu cür minimum əmək haqqının tətbiq olunması həm əhalinin həyat səviyyəsi barədə daha geniş bilgi verəcək, həm də vergi və sosial ödənişlərin leqallaşdırılmasına şərait yaradacaqdır.
Bu sahədən danışarkən hərbi qulluqçuların sığorta məbləğinin artırılmasını mən vacib hesab edirəm. Məlumdur ki, “Hərbi qulluqçuların icbari sığortası haqqında” Qanun təxminən 15 il bundan qabaq qəbul olunub və həmin qanunda o zaman hərbi qulluqçuların sığorta məbləği 11 min manat nəzərdə tutulmuşdu. Bu, həmin dövr üçün yüksək bir rəqəm olsa da, indiki dövr üçün çox aşağıdır. Mən müqayisə etmək istəmirəm, amma qonşu ölkələrin hərbi qulluqçularının sığorta haqlarından xeyli aşağıdır.
Ötən ilin uğurlarından danışarkən mən Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətini xüsusilə qeyd etmək istəyirəm. Cənab Prezident İlham Əliyev tərəfindən “ASAN xidmət”in yaradılması müasir idarəetmə və texnologiyaya əsaslanan modern dövlət quruculuğunun əyani nümayişidir. “ASAN xidmət” həm məmur bürokratiyasının, korrupsiyanın aradan qaldırılmasında çox operativlik göstərdi, həm də mədəni xidmətin təşkilində yeni bir nümunənin, modelin əsasını qoydu. Bu günə qədər “ASAN xidmət”dən istifadə edən bir milyon yarım insandan bir nəfər də olsun şikayət eləyən yoxdursa, bu çox böyük göstəricidir. Hesab edirəm ki, “ASAN xidmət”in fəaliyyət sahələrini və miqyasını daha da genişləndirmək zəruridir.
Eyni zamanda, mən Gəncədən seçilən millət vəkili olaraq  seçicilərim adından Gəncədə “ASAN xidmət”in qurulması və uğurlu fəaliyyəti münasibəti ilə həm cənab Prezidentə, həm hökumətimizə, həm də bu strukturun rəhbərliyinə minnətdarlığımı bildirirəm. Düşünürəm ki, elektron hökumət çərçivəsində səhiyyə, sosial təminat, təhsil, mədəniyyət sahələrində də belə tədbirlərin genişləndirilməsinə böyük ehtiyac var.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində son zamanlar aparılan uğurlu islahatları qeyd etməklə yanaşı, bildirmək istəyirəm ki, məşğulluq, ünvanlı sosial yardım, ailələrin sosial reabilitasiyası və özünə  dəstək kimi müasir proqramların elektronlaşdırılması, məmur-vətəndaş əlaqələrinin azalmasına, bürokratik əngəllərin və digər neqativ halların aradan qaldırılmasına səbəb olacaq.
Ötən il Azərbaycan səhiyyəsi üçün də uğurlu olmuşdur. Ümumiyyətlə, son illərdə səhiyyənin maddi-texniki bazasının gücləndirilməsi, kadr təminatının yaxşılaşdırılması, idarəetmənin təkmilləşdirilməsi sahəsində xeyli işlər görülmüş, icbari tibbi sığortanın tətbiqi üçün hazırlıq işlərinə başlanmışdır. Yəqin ki, gələn ildən səhiyyə maliyyələşdirilməsinin yeni modelini də uğurla tətbiq edəcəyik.
Eyni zamanda, mən hesab edirəm ki, hazırlıq işlərində bir neçə ciddi məsələ nəzərə alınmalıdır. Bunlardan biri ayrı-ayrı xəstəliklərin protokollarının hazırlanması işinin sürətləndirilməsi, digəri isə Ümumdünya Səhiyyə Təşkilatının müəyyən etdiyi sığorta polisinə daxil olan həyatı vacib 500–600 adda dərmanın qiymətinin tənzimlənməsi ilə bağlı işlərin görülməsidir. Bununla yanaşı, hesab edirəm ki, bu dərmanların siyahısı hazırlanmalıdır. Cənab Baş nazirin, yəni hökumətin qərarı ilə bu dərmanların siyahısı təsdiq olunmalıdır ki, ölkənin hər yerində sığorta polisinə daxil olacaq dərmanların qiymətləri eyni olsun.
Son olaraq bir təklifimi də bildirmək istəyirəm. Bakı şəhərində tıxacların olması artıq həyatımızın vaz keçilməz bir hissəsinə çevrilib. Bu tıxaclar təcili yardım maşınlarının fövqəladə hallar zamanı müvafiq  yardımlar göstərməsinə çox ciddi əngəllər törədir. Hesab edirəm ki, dünyanın  bir çox ölkələrində olduğu kimi, Bakı şəhərində də təcili yardım maşınlarının hərəkəti üçün mərkəzi küçələrdə ayrıca yol zolaqlarının saxlanılmasına ehtiyac var. Düzdür, ola bilər ki, bu tıxacları  bir az artıra bilər, amma həkimlərin vaxtında xəstələrin yardımına çatmasına köməklik göstərər.
Ümumiyyətlə, hökumətimizin keçənilki fəaliyyətini müsbət qiymətləndirirəm və  qanun layihəsinə səs verəcəyəm. Hesabatın qəbul olunmasının tərəfdarıyam və gələn ildə də hökumətimizə uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri! İlk öncə onu vurğulamaq istəyirəm ki, hökumətin hesabatını dəstəkləyirik. Təbii ki, ölkəmizdə sosial-iqtisadi sahədə əldə edilən uğurları hər bir vətəndaşımız görür və bunun nəticəsidir ki, xalqımız cənab Prezidentimizin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi siyasəti dəstəklədi,  Prezident seçkilərində bu siyasətin yenidən davamına səs verdi.
Hökumətin hesabatını dəstəkləməklə bərabər, bəzi fikirlərimi söyləmək istəyirəm. İlk öncə sayı təxminən bir milyon olan əlillərlə  bağlı bəzi məsələləri hökumətimizin diqqətinə çatdırmaq istəyirəm. Bu məsələlər qanunvericilikdə öz həllini tapıb. Amma onların həyata keçirilməsində müəyyən problemlər var ki, bunları hökumət üzvlərimizin bilməsinə və tədbir görməsinə ciddi şəkildə ehtiyac duyulur.
Birincisi, əlillərin işlə təminatı məsələsidir. Bununla bağlı qanunumuz var. Hər bir müəssisədə təxminən neçə faiz əlilliyi olan şəxs işləməlidir və təxminən neçə nəfərdən biri olmalıdır? Bunların hamısı qanunvericiliklə müəyyən olunub, var. Amma bu gün onları real həyatda görmək çox çətin məsələdir. Əlillərimizin şikayətlərindən biri də məhz bundan ibarətdir. Ona görə bu sahəyə cavabdeh qurumları bu məsələyə ciddi şəkildə nəzarət etməyə çağırırıq. Biz çalışmalıyıq ki, bütün müəssisələrimizdə  qanunlara əməl olunsun və əlilliyi olan şəxslər işlə təmin edilsinlər. Onların çox ciddi şəkildə buna ehtiyacı var. Bəlkə də onlar müəyyən müəssisələrdə iş tapa bilərlər, amma peşə təhsillərinin olmaması əngəlləri var. Əlillərin peşə təhsili ilə bağlı vəziyyət ürəkaçan deyil və  bu məsələyə xüsusi önəm verilməlidir.
Hörmətli təhsil nazirimiz buradadır, ona görə mən bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bizim hamımız üçün önəmli olmalıdır ki,  I, II qrup əlillərimiz ali təhsil alsınlar. Təbii ki, bu insanların  tədrislə bağlı normaları yerinə yetirməkdə sağlam insanlardan fərqli müəyyən sıxıntıları olur. I, II qrup əlilliyi olan şəxslər əgər ali təhsil müəssisəsinə ödənişli əsaslarla daxil olurlarsa, ödənişin dövlət tərəfindən həyata keçirilməsi çox önəmlidir, çünki bu adamların sayı o qədər də çox deyil. Bizə lazımdır ki, bu insanlar təhsil dalınca getsinlər.
Digər bir məsələ əlillərin reabilitasiyası ilə bağlıdır. Çox hörmətli Səlim Müslümovu bu məsələdə duyarlı və işgüzar nazir kimi tanıyırıq.  Əlillərin reabilitasiyası çox önəmlidir, amma onların reabilitasiya mərkəzləri çox pis vəziyyətdədir. Əlillərin reabilitasiya mərkəzlərinin yenidən qurulmasına, müasir texnologiyalarla təminatına önəm vermək lazımdır ki, onlar cəmiyyətdən təcrid olunmasınlar.
Digər bir məsələ. Cənab Prezidentin rəhbərliyi ilə ölkəmizdə Qarabağ müharibəsi əlillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına  ciddi şəkildə önəm verilir. Dövlət proqramında da Qarabağ müharibəsi əlillərinin evlə təminatı məsələsi  öz əksini tapmışdır. Amma təmsil olunduğum Tovuz rayonunda keçən il bir nəfər belə Qarabağ müharibəsi əlilinə fərdi yaşayış üçün ev tikilməyib. Bunun səbəbləri nədir? Bu insanların ehtiyacları var. Xüsusilə kənd rayonlarında, kəndlərdə yaşayan Qarabağ müharibəsi əlillərinə lazımdır ki, onların evləri məhz öz torpaq sahələrində tikilsin. Bu adamların əkin sahələri var, heç olmasa, orada müəyyən işlərlə məşğul olurlar. Bu proqram var idi, evlər tikilirdi də. Amma bu proses keçən il dayanıb və biz çox istərdik ki, gələn ilə doğru  bu məsələ öz həllini tapsın və həyətyanı torpaq sahələrində Qarabağ müharibəsi əlilləri üçün bu yaşayış evləri tikilsin. Mən fürsətdən istifadə edərək Səlim müəllimə təşəkkür edirəm ki, çox ağır vəziyyətdə olan Qarabağ müharibəsi əlilinə nazirliyin imkanları hesabına Tovuzda fərdi yaşayış evi tikilməyə başlanıb. Çox ağır vəziyyətdə idi.
Digər bir məsələyə toxunmaq istəyirəm. Hörmətli Eldar müəllim də bu barədə dedi, amma vaxt çatmadı. Onun seçki dairəsindən də belə müraciətlər çoxdur. Bu, internatda yaşayan, 18 yaşını bitirən və valideyn himayəsindən məhrum olan şəxslərlə bağlıdır. Bu şəxslərlə bağlı bir proqrama ciddi ehtiyac var. Hörmətli Mehriban xanımın rəhbərliyi ilə bu istiqamətdə addımlar atılır, amma çox vacibdir ki, dövlət proqramları olsun, çünki onların problemləri çox ciddidir.  Yataqxana, mənzillər şəklində, nə cür olursa-olsun, bir çıxış yolu tapılsın ki, onların mənzillə təminatı məsələsini həll edə bilək.
Deyəcəyim digər bir vacib məsələ ilə bağlı həmkarlarım da qeyd etdilər, müəyyən rəqəmlər də səsləndirdilər. Bu hamımızı ciddi narahat edən və “SOS” çalmalı olduğumuz bir məsələdir. Hepatit C ilə bağlı ciddi  dövlət proqramına ehtiyac var. Biz əgər bu günlərdə ciddi addımlar atmasaq, həddindən artıq sürətlə artan və çox bahalı müalicəsi olan bu ağır xəstəliklə bağlı mübarizədə daha ciddi problemlərlə üzləşə bilərik. Ona görə hökuməti bu proqramla bağlı addımlar atmağa çağırırıq.
Eyni zamanda, burada tibbi sığorta ilə bağlı fikirlər səsləndi. Biz ümid edirik ki, nəhayət, tibbi sığorta ilə bağlı məsələlər öz həllini tapacaq, çünki qanunvericilik, cənab Prezidentin imzaladığı sənədlər var. Büdcədə pul var, amma bu məsələ həyata keçmir. Bu, Pasiyentin hüquqları haqqında qanunun da təsdiq olunmasına mane olur, çünki tibbi sığorta olmadan bu sistemin işləməsi üçün o qədər də uğurlu effekt ala bilmərik. Bu da çox önəmli bir məsələdir.
Mən Tovuz rayonu ilə bağlı iki məsələyə toxunacağam. Əvvəlcə Tovuzla bağlı müraciətlərimizə çox diqqət və həssaslıqla yanaşaraq onların həllinə kömək etdiyinə görə cənab Baş nazirə çox təşəkkür edirəm. İndi də iki məsələyə toxunacağam. Bunun biri qazlaşdırma ilə bağlıdır, çünki bu suala seçicilərimizin cavabı çox önəmlidir. Proqrama görə bu proses bölgələrimizdə qısa zamanda bitməlidir. Amma bu gün kəndlərdə nə baş verir? Mən “Azəriqaz”ın rəhbərinə də buradan müraciət edirəm. Sovet dövründə abunəçi olmuş insanlara qaz verilib. Amma kəndin o biri tərəfində müstəqillik illərində çoxlu sayda ev tikilib, böyük bir məhəllə yaranıb. Amma onlar qazlaşdırılmamış qalıb. Yəni kəndin bir hissəsində qaz var, digər hissəsində yoxdur. Bu da insanlar arasında narazılığı  artıran bir məsələdir. Tovuz rayonunun kəndlərində bu cür problemlər var. Proqramda yazılıb, çıxışlarda da deyilib ki, bu məsələ yekunlaşmalıdır, amma hələ də bununla bağlı addımlar atılmayıb. Ona görə çox xahiş edirəm ki, bu məsələyə diqqət artırılsın.
Bir də, məktəblərin və məktəbəqədər müəssisələrin təmiri məsələsinə toxunmaq istəyirəm. Mənim seçildiyim rayonda bu sahədə ciddi problemlər var. Hökumətimizdən Ermənistanla ön sərhəddə yerləşən böyük bir rayona bu sahədə dəstəyi artırmalarını xahiş edirəm. Hökumətin hesabatını dəstəkləyirəm və hesab edirəm ki, bu istiqamətdə işlər daha da sürətləndiyi təqdirdə bu problemlər də öz həllini tapacaq. Hər kəsin qarşıdan gələn Novruz bayramını təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Növbədə Yaqub müəllimdir. Yaqub müəllim, etirazınız yoxdursa, yekunlaşdıraq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən elə buna görə soruşdum.
Y.Mahmudov. Əziz qonaqlar, hörmətli millət vəkilləri, mən qabaqcadan bildirmək istəyirəm ki, hökumətin hesabatı təqdirəlayiqdir, çünki Azərbaycan hökuməti ötən il olduqca çətin bir şəraitdə fəaliyyət göstərib. Həssas bir regionda müxtəlif istiqamətlərdən  olan ağır təcridlər, dünyanın ən böyük ölkələrində baş verən ciddi maliyyə sarsıntıları şəraitində fəaliyyət göstərib. Biz müharibə şəraitində olan bir ölkəyik. Bu baxımdan da hökumətimizin uğurları təqdirəlayiqdir.
Mən hesab edirəm ki, bu hər şeydən əvvəl Prezident İlham Əliyevin dərindən ölçülüb-biçilmiş daxili və xarici siyasətinin təntənəsidir. Əslində, hökumətin hesabatına xalqımız Azərbaycan dövlətinin başçısını  yenidən Prezident seçməklə öz sözünü deyib, qiymətini verib. Həqiqətən də, camaatın içərisində son dərəcə böyük razılıq var.
Bizim hökumətin bəzi sahələrdə fəaliyyəti, doğrudan da, təqdirəlayiqdir. Nəqliyyat sektorunda ciddi uğurlarımız var. Əmək və əhalinin sosial müdafiəsi sahəsində yeni nazirimizə xalqımızın dərin minnətdarlığını yetirmək istəyirəm. Dövlət Sosial Müdafiə Fondunda ciddi işlər gedir. Bizim ədliyyə sistemimiz dünyanın ən mükəmməl ədliyyə sistemlərindən biridir. Xüsusi qeyd etmək istəyirəm ki, ədliyyə nazirimiz dünyanın ən mötəbər forumlarının sədridir və Azərbaycan bu sahədə də dünyaya öz sözünü deyir. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı, nəhayət, hərəkətlilik də göz önündədir. Bütün bunlar bizim böyük uğurlarımızdır.
Mən yeri gəlmişkən, Şəkidən seçilən millət vəkili kimi dövlət başçısına, Prezident İlham Əliyevə Şəki camaatının çox dərin minnətdarlığını yetirmək istəyirəm, çünki uzun illər idi, Şəkinin ucqar kəndlərində yaşayanlar adicə bir arayış almaqdan ötrü yollarda saatlarla vaxt itirməli olurdular. Şəki–Qax  yolunun əsaslı şəkildə təmir olunması, gözəl bir yol salınması, onlarca körpünün tikilməsi regionda çox böyük razılıqla qarşılanır və camaatın vəziyyətinə əsaslı şəkildə müsbət təsir göstərir.
Elm sahəsində də ciddi islahatlar gedir. Bütün bu sahələr hamısı inkişafdadır və mən bu baxımdan da hökuməti təbrik etmək istəyirəm. Amma bəzi təkliflərim var, istərdim, onları bir daha hökumətimizin, bəzi strukturların diqqətinə çatdırım. Çox hörmətli Baş nazirə buradan birbaşa müraciət etmək istəyirəm. Şəki rayonunun aşağı, düzən zonasındakı kəndləri qazlaşdırılmayıb. Əli Məsimov bu barədə çıxış elədi. Biz Prezident seçkiləri zamanı seçicilərə bu barədə məlumat verdik, çünki  hörmətli Artur müəllimə müraciət eləmişdim, o da çox operativ göstəriş vermişdi ki, ilin axırına qədər Şəkinin düzən zonasında olan kəndlər qazlaşdırılsın. Burada başqa yanacaq vasitələri yoxdur. Təkcə iki kəndin – Böyük Dəhnə və Kiçik Dəhnə kəndlərinin 20 minə yaxın əhalisi var. Ona görə də mən Artur müəllimə müraciət eləmək istəyirəm. Camaatın Sizdən  xahişi odur ki, heç olmasa, bu il həmin kəndlərin qazlaşdırılması işi başa çatdırılsın. Cumakənd Dədə Qorqud dövründən qalan kənddir. 7 minə qədər əhalisi var, amma demək olar ki, məktəbi yoxdur.  Bu barədə də müraciət etmişdim, göstəriş verilmişdi, amma çox təəssüf ki, yerinə yetirilmədi.
Mən iki məsələni xüsusi vurğulamaq istəyirəm. Hörmətli kənd təsərrüfatı nazirimizə böyük ümidlə müraciət edirəm. Qədim zamanlarda  ölkəmizə şöhrət gətirən bir sıra fəaliyyət sahələri olub. Bu gün buna bizim böyük ehtiyacımız var. Xüsusilə ipəkçiliyin inkişaf etdirilməsi üçün dövlət proqramına böyük ehtiyac var. Bu məsələni ölkə başçısına da demişik, o da müvafiq göstərişlər verib. Vaxtilə 10 minədək fəhləsi olan Şəki İpək Kombinatı bütün o qabaqcıl texnika ilə, demək olar ki, dayanıb. Orada 500–600 fəhlə işləyir. Mənə elə gəlir ki, tut ağaclarının əkilməsini, baramaçılığı inkişaf etdirmək lazımdır ki, Azərbaycan bu sahədəki şöhrətini  qaytarsın.
İkincisi, məni çox narahat eləyən bir məsələ bəlkə də başqaları üçün qəribə gələ bilər. Qarabağla bağlı nəyimiz varsa, ermənilərin onlara sahib çıxmaq istəkləri hamıya məlumdur. İndi də beynəlxalq aləmdə Qarabağ atlarına sahib çıxırlar, guya bu atlar onlarınkıdır, onlar onu yetişdiriblər və sair. Avropada da bu cins xeyli yayılıb və bu sahəni də bizim əlimizdən almağa çalışırlar. Əlbəttə, əlimizdən alınan deyil, amma fakt bundan ibarətdir ki, ermənilər buna ciddi səy göstərirlər. Mənim kənd təsərrüfatı nazirindən xahişim budur ki, bu sahəyə diqqəti artırmaq lazımdır. Məşhur Qarabağ atlarının nəsli kəsilmək üzrədir.
Sonda istərdim, ciddi bir məsələni diqqət mərkəzinə gətirəm. Əziz dostlar, əziz həmkarlar, mədəniyyət abidələrinin yenidən pasportlaşdırılması,  qeydiyyata alınması son dərəcə mühüm məsələdir. Mən xahiş edirəm, Milli Məclisin xətti ilə bu məsələyə də diqqəti artıraq.  Naxçıvanın timsalında biz onun müsbət bəhrəsini gördük. Orada bu, siyahı halına keçirildi və məlum oldu ki, Naxçıvan abidələrinin mütləq əksəriyyəti Azərbaycan xalqına aiddir. Ölkəmizin ərazisindəki bu abidələr sovet dövründə siyahıya alınıb. Şimali Azərbaycanda, Qərbi Azərbaycanda bunların böyük əksəriyyətinin tarixləri düz deyil, Azərbaycana məxsus olub-olmaması qəti bildirilmir. Arxiv materialı var. Bu barədə cənab Prezidentə məlumat verdim və onun qəti göstərişi oldu ki, bu məsələlərdə səliqə-sahman yaradılsın. Mən istərdim, Milli Məclisdə bunu eşidəsiniz. Məsələn, Kürmük kilsəsi 1891–1894-cü illərdə tikilib. Amma deyirlər ki, bu, eramızın əvvəllərində tikilib və qonşu xalqlardan birinə məxsusdur. Ərazi iddialarını o yolla qaldırırlar. Yəni onları qeydiyyatdan keçirib, pasportlaşdırıb üzərinə tarixini qoymaq imkanlarımız var. Bu məsələlər xeyli sürətləndirilməlidir.
Mənim digər xahişim ideologiya ilə bağlıdır. Azərbaycançılıq ideologiyası ilə əlaqədar əməli tədbirlərə keçmək lazımdır. Burada ciddi məsələlər qaldırıldı. Müxtəlif ölkələrdə cənnətə düşmək üçün qurban gedənlərlə əlaqədar məsələlər biz azərbaycançılıq ideologiyasını həyata keçirəcəyimiz zaman nizama salınacaq. Bunun üçün əsas istiqamətlərdə  – kütləvi informasiya vasitələrində fəaliyyətə keçmək lazımdır. İdeologiyasız dövlət olmaz, məhkəməsiz dövlət olmaz. Milli dəyərlər qorunmadan cəmiyyət yaşaya bilməz. Bu, ciddi məsələlərdən biridir. Unutmaq lazım deyil ki, ölkəmizin içərisində bayrağımızın rənglərinə qarşı çox ciddi hücumlar var. Yüzlərcə xristian təriqəti nə üçün Azərbaycanda bu cür açıq fəaliyyət göstərməlidir? Göstərməməlidirlər, çünki bizim tolerantlığımızı  tarix yaradıb. Onu qoruyub saxlamaq lazımdır. İndi təzə kilsələr tikdirməyə, müxtəlif təriqətlərə məxsus dini ocaqlar yaratmağa çalışırlar. Təkcə Ədliyyə Nazirliyi bunun öhdəsindən gələ bilməz. Azərbaycançılıq məfkurəsini dirçəldib, bütün prinsiplərlə onu həyata keçirmək lazımdır.
Sonda bir daha qeyd etmək istəyirəm ki, hesabatımız mükəmməldir. Hökumət çox asan olmayan həssas şəraitdə fəaliyyət göstərib və xalqın qarşısında etimad qazanıb. Prezident seçkilərində də xalq öz sözünü deyib. Bu hesabatın yüksək qiymətləndirilməsinin tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 25 millət vəkili çıxış etdi, siyahıda 30 nəfər də yazılıb. Mən hesab edirəm ki, hamıya hər şey aydın oldu. Əgər etiraz etmirsinizsə, Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti haqqında hesabatın nəzərə alınmasına münasibət bildirin.

Səsvermənin nəticələri (saat 17.33 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli Baş naziri və hökumət üzvlərini təbrik edirik. Çox sağ olun. (Alqışlar.)

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, iclasımız davam edir. Gündəliyin növbəti məsələsinə keçirik. Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bildiyiniz kimi, cənab Prezident tərəfindən təqdim olunmuş 3 qanun layihəsi zərf şəklindədir və bir-biri ilə üzvi surətdə bağlıdır. Ona görə, icazə versəniz, mən ikinci və üçüncü məsələləri birgə məruzə edərdim. Söhbət Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklərdən gedir.
Hörmətli millət vəkilləri, bildiyimiz kimi, Azərbaycan hər zaman terrorçuluğa qarşı mübarizədə öndə olmuşdur, çünki ölkəmiz, xalqımız vaxtilə məhz terrorizmdən əziyyət çəkmiş, terrorizmin qurbanı olmuşdur. İndi həm Azərbaycanda, həm də ölkəmizdən kənarda terrorizmə qarşı mübarizədə dövlətimiz, hüquq mühafizə orqanları, hərbiçilər həmişə ön sıradadırlar.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, son zamanlar dini  ekstremizmə qarşı güc strukturlarının fəaliyyətinin daha da artırılması ilə bağlı səslənən təkliflər bizə qanunvericiliyin, xüsusən Cinayət Məcəlləsinin bu məsələləri tənzimləyən maddələrinə yenidən baxmaq və bir sıra əlavə və dəyişikliklər etmək zərurəti yaratmışdır. Bildiyiniz kimi, Cinayət Məcəlləsinin “Muzdluluq” maddəsində sanksiyalar var, amma hesab olunur ki, indiki vəziyyətdə bu sanksiyalar daha da sərtləşdirilməlidir.
Cinayət Məcəlləsinin “Terrorçuluq” adlı 214-cü maddəsində də  sanksiyaların daha da sərtləşdirilməsi təklif olunur. Burada son hədd kimi 14 ilə qədər azadlıqdan məhrumetmə cəzasının nəzərdə tutulması təklif olunur.
Eyni zamanda, Cinayət Məcəlləsinə bir neçə yeni maddənin əlavə edilməsi, yəni terrorçuluqla bağlı olan bir sıra hərəkətlərin də kriminallaşdırılması təklif olunur. Bunlar “Terrorçuluğa açıq çağırışlar”, “Terrorçuluq məqsədi ilə təlim keçmə”, “Azərbaycan Respublikasının hüdudlarından kənarda silahlı münaqişələrdə iştirak etmək məqsədi ilə sabit qrup yaratma” maddələridir. Bunlar yeni maddələrdir və sanksiyalar da kifayət qədər sərtdir. Hörmətli millət vəkilləri, əminəm ki, siz bu layihələri dəstəkləyəcəksiniz, çünki burada sizin fikirləriniz də ehtiva olunur.
Eyni zamanda, qeyd etmək istəyirəm ki, üçüncü məsələ – Cinayət-Prosessual Məcəlləsinə edilən dəyişikliklər də aidiyyəti məsələdir ki, buradan müvafiq maddələr çıxarılır. Amma qeyd etmək istəyirəm ki, cənab Prezidentin fərmanı ilə yeni maddələrin aidiyyəti məsələsi öz həllini tapacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, görürəm, yazılanlar var. Gəlin, bir məsələni məsləhətləşək. Biz hökumətin hesabatını dinlədik və müsbət qiymətləndirdik. Çox yaxşı çıxışlar oldu və hiss edirəm ki, yorulmusunuz. Möhtərəm Prezident tərəfindən Cinayət Məcəlləsinə və Cinayət-Prosessual Məcəlləsinə təklif olunan dəyişikliklər də, bilirəm ki, müsbət qarşılanacaq, çünki vaxtında göndərilmiş təkliflərdir. Ona görə istəmirəm ki, sizi yoraq. Gəlin, Cinayət Məcəlləsinə edilən dəyişiklikləri səsə qoyaq. Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə  96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.38 dəq.)
Lehinə  94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, üçüncü məsələ – Terrorçuluğa qarşı mübarizə haqqında qanun layihəsi haqqında, icazənizlə, mən bir neçə kəlmə deyim. Hörmətli Əli müəllim Cinayət-Prosessual Məcəlləsinə və Cinayət Məcəlləsinə edilən dəyişiklikdən danışdı. “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi də cənab Prezident tərəfindən bayaq qeyd edildiyi kimi, bir məktubla göndərilib və mahiyyət, məzmun eynidir. Cinayət Məcəlləsinə əlavə olunan maddələr, sözsüz ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanunda təsbit olunmalıdır. Ona görə də cənab Prezident tərəfindən təklif olunur ki, “Terrorçuluğa qarşı mübarizə haqqında” Qanuna 214-2, 214-3, 226, 227, 282, 283-1-ci maddələr əlavə olunsun. Ona görə xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.40 dəq.)
Lehinə  99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatdı.


EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

14 mart 2014-cü il.


Ziyad Səmədzadə. Burada hökumətin 2013-cü ildə fəaliyyəti ilə bağlı kifayət qədər danışıldı. Baş nazir Artur Rasizadənin çıxışında hökumətin fəaliyyətində mühüm yer tutan məsələlər açıqlandı. Həqiqətən də, Azərbaycan hökuməti tərəfindən 2013-cü ildə böyük işlər görülmüşdür.
Azərbaycan iqtisadiyyatının uğurlarından danışarkən, sözsüz ki, mövcud büdcə siyasəti, büdcənin formalaşdırılması prinsipləri, onun icrası məsələlərinə diqqət yetirməmək mümkün deyildir. Bir neçə fakta müraciət edək. 1990–2000-ci illərdə respublikada ümumi daxili məhsulun orta illik aşağı düşmə sürəti 6,1 faiz təşkil etmişdi ki, bu da  bilavasitə müstəqilliyin ilk illərində ölkə iqtisadiyyatının böhran vəziyyətində olması ilə əlaqədar idi. 2000–2008-ci illərdə Azərbaycanda ÜDM-in orta illik artım sürəti 18,1 faizə bərabər olmuşdu ki, bu da nəinki MDB məkanında, eləcə də dünyada ən yüksək göstərici kimi qiymətləndirilirdi.
Aşağıdakı rəqəmlər də diqqəti cəlb edir. Müstəqilliyin 20 ili, yəni 1991–2011-ci illər ərzində MDB məkanında ən yüksək artım (238,7 faiz) Azərbaycanda qeydə alınmış, bir neçə respublikada – Ukrayna, Gürcüstan, Tacikistan və Moldovada isə 2011-ci ildə ÜDM-in həcmi 1991-ci ildəkindən az olmuşdur. Azərbaycanda əldə edilən yüksək inkişaf sürəti ölkəmizin MDB dövlətləri ilə müqayisədə iqtisadi gücünün və iqtisadi inkişaf səviyyəsinin yüksəlməsi ilə nəticələnmişdir. 1999-cu ildə hər nəfərə düşən ÜDM-in həcminə görə Azərbaycan MDB dövlətləri arasında 12-ci yeri, 2011-ci ildə isə 6-cı yeri tuturdu. XX əsrin sonlarında ÜDM-in hər nəfərə düşən miqdarına görə Azərbaycan Belarus, Türkmənistan, Özbəkistan, Gürcüstan, Ermənistan, Ukraynadan geri qalırdısa, 2013-cü ilin yekunlarına görə həmin respublikaları xeyli dərəcədə ötüb keçmişdi.
Qarşıdakı dövrdə də ən mühüm strateji vəzifələrdən biri ölkədə iqtisadi inkişafın sürətli və keyfiyyətli artımını təmin etməkdən ibarət olacaqdır. İqtisadiyyatın dinamik inkişafı büdcə gəlir və xərclərinin sürətli artımını, dövlət büdcəsinin gəlirlərinin ÜDM-də xüsusi çəkisinin 35 faizə yüksəlməsini, dövlətin taleyüklü funksiyalarının yerinə yetirilməsini təmin etmişdir. Belə bir inkişaf meylinin qarşıdakı dövr üçün də saxlanılması ölkəmizdə keyfiyyətli həyat səviyyəsinin bir sıra göstəricilərinin daha da yaxşılaşması üçün çox vacib şərtlərdən biridir.
Azərbaycan dövləti qlobal dünya böhranı dövründə səylərini ölkədə maliyyə sabitliyinin qorunmasına yönəltmiş, iqtisadiyyatı geri salan, əhalinin sosial vəziyyətini pisləşdirən devalvasiya, defolt və inflyasiyanın sürətlə artması kimi meyillərə yol verməmişdir. Bu məqsədlə hökumət, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyi, Mərkəzi Bank, büdcənin formalaşması və icrasında iştirak edən digər qurumlar dünya maliyyə böhranı şəraitində qlobal dünya iqtisadiyyatında gedən prosesləri diqqətlə izləmiş və böhranın ölkə iqtisadiyyatına təsirini azaltmaq üçün qabaqlayıcı tədbirlər həyata keçirmişlər.
Heç şübhəsiz ki, Milli Məclis tərəfindən qəbul olunmuş bir sıra qanunlar, mövcud qanunlara əlavə və dəyişikliklər (“Dövlət borcu haqqında”, “Büdcə sistemi haqqında”, “Mərkəzi Bank haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Əmanətlərin sığortalanması haqqında”) səmərəliliyin artmasına öz  müsbət təsirini göstərir.
Apardığımız tədqiqat nəticələrinə əsaslanaraq qeyd edə bilərik ki, son ildə ölkədə makroiqtisadi göstəricilərin yaxşılaşması fonunda əhalinin sosial rifah halının daha da yüksəldilməsi istiqamətində müsbət nəticələr əldə olunmuş, regionların tarazlı inkişafı, yoxsulluğun azaldılması istiqamətində irəliləyişlər əldə edilmiş, uğurlu büdcə-vergi və pul-kredit siyasəti həyata keçirilmiş, xarici ticarətdə müsbət saldo yaradılmış, milli valyutanın sabitliyi təmin olunmuş, ölkənin valyuta ehtiyatları 45 milyard dolları ötmüş, büdcə kəsirinin aşağı səviyyədə saxlanılması ənənəsi davam etdirilmiş, mühüm əhəmiyyət kəsb edən sosial və infrastruktur layihələri reallaşdırılmışdır. 
Ölkəmizin dinamik inkişafını təmin edən vacib şərtlərdən biri ondan ibarətdir ki, müstəqil Azərbaycan dövləti azad bazar münasibətlərini fetişləşdirmədi, ona bütün problemlərin həlli mənbəyi kimi baxmadı,  ictimai mülkiyyətin hökmranlığından qurtarmaq üçün qarışıq mülkiyyət formasına üstünlük verildi. Bu gün ölkədə minlərlə özəl müəssisə, səhmdar cəmiyyət, şirkət fəaliyyət göstərir. Eyni zamanda, səmərəli fəaliyyət göstərən dövlət sektoru vardır.
Azərbaycanın inkişafının yeni mərhələsinin əsas hədəfi milli iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin yüksəldilməsinə və dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına nail olaraq uzunmüddətli perspektivdə ölkədə dinamik sosial-iqtisadi inkişafın davamlılığını təmin etməkdən ibarətdir. Azərbaycan dövlətinin qürur doğuran nailiyyətləri bir daha sübut edir ki, ulu öndər Heydər Əliyevin müəyyən etdiyi və bu gün uğurla həyata keçirilən iqtisadi siyasət xalqın maraqlarına tam uyğundur.
Ölkədə aparılan iqtisadi, siyasi islahatlardan sonra dövlətin iqtisadi qüdrəti artmış, liberalizm ideyalarının fetişləşdirilməməsi, dövlətin rolunun heçə endirilməməsi, bütövlükdə iqtisadi, siyasi, sosial islahatlara sistemli yanaşma nəticəsində Azərbaycan dövləti iqtisadiyyatda böyük nailiyyətlər əldə etmiş, regionun, Avropanın, dünyanın iqtisadi-siyasi həyatında fəal iştirak edən, beynəlxalq aləmdə mövqeyini, imicini ildən-ilə möhkəmləndirən dövlətə çevrilmişdir.
Hazırda Azərbaycan yeni inkişaf mərhələsinə qədəm qoyur. Bu mərhələnin əsas hədəfi coxşaxəli, səmərəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması, əhalinin rifahının layiqli, qabaqcıl beynəlxalq standartlara uyğun səviyyəyə çatdırılması olmalıdır. Azərbaycanın perspektiv inkişafının hədəf və istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə 2020-ci ilədək dövrü əhatə edən “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası hazırlanmış, əsas hədəflər müəyyənləşdirilmişdir.
Eyni zamanda, çox yaxşı haldır ki, hökumətin hesabatı zamanı həllinə diqqətin artırılmasını tələb edən problemlərə də toxunuldu. Bu da təbiidir. Mən də öz növbəmdə bir neçə fakta müraciət etmək istəyirəm.
Göründüyü kimi, Bakı gündən-günə gözəlləşir, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir. Şəhərimizə çoxlu sayda qonaqlar gəlir. Bakıya Şimal yolu ilə gələn qonaqlar bu gözəlliklərin şahidi olurlar. Amma çox təəssüf ki, məsələn, Bakıdan Gəncəyə qatarla gedəndə belə gözəlliklərin tam əksi ilə rastlaşırıq. Bakı vağzalından 10–15 kilometrədək qədər yol boyu natəmizlik, zibil yığıntısı, uçuq-sökük tikililər, metal qırıntıları və sair təəssüfləndirici görüntülər şəhərimizdə həyata keçirilən abadlıq işlərinə də kölgə salır.
Minlərlə insanın şahidi olduğu bu mənzərələr o qədər ürəkağrıdıcıdır ki, mən bunları qeyd etməyə bilməzdim. Axı bu vəziyyəti düzəltmək üçün o qədər də böyük vəsait tələb olunmur. Qoy Azərbaycana gələn qonaqların gündən-günə gözəlləşən Bakıdan aldığı təəssürat paytaxtdan kənara çıxanda pozulmasın. Əminəm ki, müvafiq strukturlar məsələyə sistemli, məsuliyyətlə yanaşsalar, onun həllinə tam nail olmaq olar. Amma təəssüf ki, müəyyən məmurların təqsiri, məsuliyyətsizliyi üzündən bu ərazi baxımsız qalıb.
Daha bir məsələyə diqqəti cəlb etmək istərdim. Belə ki, Azərbaycanın şəhər və kəndlərinin qazlaşdırılması prosesi sürətlə gedir, həqiqətən, böyük işlər görülür. Amma mən bir istehlakçı kimi bildirməyə məcburam ki, Buzovnada müntəzəm olaraq evlərə qazın verilməsində problemlər mövcuddur. Yalnız dəfələrlə zənglər olunduqdan sonra bu problem bir neçə saata həllini tapır. Bir gün keçir, yenə də məsuliyyətsizlik  özünü göstərir. Bir daha təkrar edirəm ki, məsələnin kökündə məsuliyyətsizlik, qeyri-professionallıq dayanır.
Qaz itkisi barədə ciddi düşünməliyik. Buzovna qəsəbəsinin yuxarı hissəsində çox səliqəli, zövqlə tikilmiş binaların ətrafında (Zuğulba ətrafında) yeraltı qaz xətlərinin çıxarılması prosesi həddindən artıq ləng aparılır. Yəqin itkilərin yüksək olması onları narahat etmir.
Yekun olaraq bildirmək istəyirəm ki, Azərbaycan hökumətinin təqdim etdiyi hesabat ölkədə görülən irimiqyaslı işlərin uğurla yerinə yetirilməsini, bütövlükdə Azərbaycan dövlətinin, Prezident cənab İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının uğurla həyata keçirilməsini özündə əks etdirən böyük informasiya mənbəyidir. Bu hesabat hökumətin yüksək professionallığını, idarəetmə sisteminin ildən-ilə yaxşılaşmasını, hökumətin sosial problemlərin həlli, ölkəmizdə vətəndaş cəmiyyətinin qurulması istiqamətində gördüyü işlərin geniş miqyasını ifadə edir. Mən bu hesabatı dəstəkləyir, Azərbaycan hökumətinə, Baş nazir cənab Artur Rasizadəyə uğurlar arzulayıram.
Cavanşir Feyziyev. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli həmkarlarım!
Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına dair hesabatından göründüyü kimi, ötən il ərzində ölkədə çoxsaylı zəruri layihələr həyata keçirilmiş, islahatlar və sosial xarakterli tədbirlər davam etdirilmişdir.
Ölkə iqtisadiyyatının durumunu xarakterizə edən əsas göstərici – ümumi daxili məhsul istehsalının həcmi 2013-cü ildə 5,8 faiz artaraq  58 milyard manat təşkil etmişdir.
Hesabatdan da göründüyü  kimi, 2013-cü ildə qeyri-neft sektorunun artım tempi ÜDM-in artım tempini  1,7 dəfə üstələməklə  9,8 faiz artım nümayiş etdirmişdir. Son iki ildə ardıcıl olaraq qeyri-neft sektorunda  10 faizə yaxın artımın olması nəticəsində 2013-cü ildə həmin sektorun ÜDM həcmindəki xüsusi çəkisi 56 faizə qalxmışdır.
Son illərdə Azərbaycan iqtisadiyyatına qoyulan sərmayənin həcmi  daha sürətlə artmaqdadır. Ötən il ölkə iqtisadiyyatına 28 milyard dollar həcmində investisiya qoyulmuşdur ki,  onun da 17,5 milyard dolları və ya 63 faizi daxili sərmayə hesabına olmuşdur.
Keçən il sosial məsələlərin həlli istiqamətində də önəmli addımlar atılmışdır. Təmsil etdiyim Şəki rayonunda səhiyyə və təhsil müəssisələrinin təmir-tikintisi, su və qaz təminatı, eləcə də regional  turizm infrastrukturunun inkişaf etdirilməsi istiqamətində irimiqyaslı layihələrin həyata keçirilməsi davam etdirilmiş, sovet dövründən qalan əmanətlərin qaytarılması prosesi başa çatmışdır.
2013-cü ildə Azərbaycanın valyuta ehtiyatları 50 milyard dollara və ya ümumi daxili məhsulun 70 faizi səviyyəsinə çatmışdır. Valyuta ehtiyatlarının artım dinamikası, investisiya mühitinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, beynəlxalq klassifikasiyalarda ölkəmizin rəqabət qabiliyyətinin artması və ilk 40 ölkə sırasına daxil olması  və digər bu kimi məqamlar hökumət tərəfindən həyata keçirilən iqtisadi siyasətin səmərəli olduğunu  bir daha sübut edir.
Bütün bunlarla yanaşı, onu da qeyd etmək  istərdim ki, Azərbaycan ixracının 90 faizindən çoxu hələ də neft və neft məhsullarının payına düşür. Azərbaycan iqtisadiyyatının dayanıqlılığının, rəqabət qabiliyyətinin və ərzaq təhlükəsizliyinin təmin edilməsindən ötrü daxili bazarın tələbatını ödəyən, eləcə də ixrac potensialının artmasına imkan verən istehsal sahələrinin, ixrac yönümlü sənaye məhsulları istehsalının, emal və iri kənd təsərrüfatı müəssisələrinin yaradılması işinin sürətləndirilməsinə ehtiyac vardır.
Son illər səhiyyə sahəsində həyata keçirilən islahatlar  ötən il də uğurla davam etdirilmişdir. Son 10 ildə 500-ə yaxın səhiyyə müəssisəsi tikilib və ya tam təmir edilərək ən müasir avadanlıqla təchiz olunmuşdur. Onların 70 faizi regionların payına düşür. 2013-cü ildə 81 tibb müəssisəsində təmir-tikinti işləri aparılmışdır ki, bunların da 38-i və ya 47 faizi regionların payına düşür. Artıq yalnız Bakı şəhərində deyil, regionlarda da tibbi müayinələrin və ən çətin  əməliyyatların aparılması mümkün olmuşdur. Bununla yanaşı, səhiyyə ilə bağlı vacib hesab etdiyim 3 məsələni qeyd etmək istərdim.
Birincisi, icbari tibbi sığortanın tətbiq olunması Azərbaycanda həm səhiyyə xidmətlərinin əlçatanlığını yaxşılaşdıra bilər, həm tibbi xidmətlərin keyfiyyətini artırar, həm də dövlətin səhiyyə xərclərinin sığorta şirkətləri arasında paylanmasına gətirib çıxara bilər. Bunun üçün  hüquqi baza və maliyyə əsaslarımız da mövcuddur. Sığorta fəaliyyəti Azərbaycanda artıq kifayət qədər genişlənib və sığorta şirkətləri bu işi görmək iqtidarındadırlar.
İkincisi, Azərbaycana gətirilən çox unikal tibbi avadanlıqlarda yüksək səriştə ilə işləməyi bacaran kadrların sayının artırılması istiqamətində təsirli tədbirlərin görülməsini zəruri hesab edirəm. Bundan ötrü tibb təhsilinin dünya standartları səviyyəsinə qaldırılması işlərini davam etdirməklə yanaşı,  tibbi kadrların xaricdə hazırlanması işinin miqyasının da genişləndirilməsinə ehtiyac vardır.
Üçüncüsü, Azərbaycan Hepatoloqlar Assosiasiyasının 2013-cü il ərzində ölkənin müxtəlif bölgələrində apardıqları skrininqlərin nəticələrinə  görə, ölkə əhalisinin 3,2 faizinin Hepatit xəstəliyinə yoluxduğu ehtimal olunur ki, bu da 200 mindən çox adamın təcili müalicəyə ehtiyacı olması deməkdir. Bu kifayət qədər yüksək göstəricidir. Müqayisə üçün deyə bilərəm ki, Qazaxıstanda və Belarusda bu göstərici cəmi 1 faiz, Rusiyada 2 faiz, inkişaf etmiş ölkələrdə isə 0,5 faizə qədər təşkil edir. Bu xəstəliyin inkubasiya dövrü gizli keçdiyindən onu birinci mərhələdə adətən aşkar etmək mümkün olmur.
Hepatit B xəstəliyinin müalicəsi bir nəfər üçün 10.000 manata, Hepatit C-nin müalicəsi isə 70.000 manata başa gəlir. Aydın məsələdir ki, əhalinin böyük bir hissəsinin bu məbləğə malik olmaması onların müalicəsini qeyri-mümkün edir. Ona görə də Hepatit xəstəliyinə tutulmuş vətəndaşların müalicəsinin Səhiyyə Nazirliyi tərəfindən büdcə vəsaitləri hesabına aparılmasına ciddi ehtiyac yaranmışdır. Bunu həyata keçirmək üçün kifayət qədər hazırlıqlı kadr potensialı da var. Azərbaycan  hepatoloqları   hazırda Qazaxıstanda və Moldovada Hepatit xəstəliyinin müalicəsi üzrə həyata keçirilən dövlət proqramlarına konsultasiya xidməti göstərirlər. Ona görə də belə hesab edirəm ki, bu istiqamətdə hökumət müvafiq dövlət proqramı hazırlayıb həyata keçirməklə əhalinin sağlamlığının qorunması işinə daha böyük  töhfə vermiş olardı.
Ümumiyyətlə, ötən il görülən işlər bunu söyləməyə əsas verir ki, hökumətin 2013-cü  ildəki  fəaliyyəti yüksək qiymətləndirilməlidir.
Diqqətinizə görə təşəkkür edirəm.
Sahibə Qafarova. Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri və millət vəkilləri!
Mən də düşünürəm ki, əvvəlki illərdə olduğu kimi, son bir ildə də Azərbaycan hökumətinin fəaliyyəti təqdirəlayiqdir. Nazirlər Kabinetinin 2013-cü ildə fəaliyyəti müsbət qiymətləndirilir və  qənaətbəxş hesab olunur. Hesab edirəm ki, hökumət Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən onun qarşısına qoyulan vəzifə və tapşırıqların öhdəsindən uğurla gəlməyi bacarıb. Ötən ildə də Azərbaycan iqtisadiyyatı sürətlə inkişaf edib, öz dinamik inkişaf səviyyəsini qoruyub saxlamağa nail olub. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində ölkə iqtisadiyyatı sürətlə inkişaf edir və bu siyasətin başlıca məqsədi kimi hər bir vətəndaşın rifahı davamlı olaraq yüksəlir.
Bu gün Azərbaycan hər cəhətdən regionun lider dövlətidir. Bunlar da, heç şübhəsiz ki, Azərbaycan Prezidentinin məqsədyönlü, düşünülmüş siyasəti və bu siyasəti öz fəaliyyətində daim rəhbər tutan Azərbaycan hökumətinin gərgin zəhməti, əməyi ilə bağlıdır. Odur ki, hökumətin son birillik fəaliyyətini uğurlu hesab edir və onun atdığı addımları dəstəkləyirəm.
Mən xüsusən təhsil və elmin inkişafı istiqamətində görülən işlərdən danışmaq istərdim. Digər sahələrdə olduğu kimi, Azərbaycanın milli sərvətinin ayrılmaz tərkib hissəsi olan elmin və təhsilin inkişafı sahəsində əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulan siyasət bu gün cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu gün dövlət başçısının rəhbərliyi ilə ölkədə elmi potensialın qorunması, inkişaf etdirilməsi yönündə çox mühüm addımlar atılmaqdadır.
Nazirlər Kabinetinin hesabatında da göstərilir ki, ötən il təhsil sektoruna ayrılan vəsaitin artırılması təmin edilib və 2013-cü ildə bu sahəyə 1,53 milyard manat vəsait ayrılıb. 2004-cü ildə bu sahəyə ayrılan vəsaitin həcmi cəmi 308 milyon manat təşkil edib. Bu o deməkdir ki, 2004-cü ildən 2013-cü ilədək bu sahəyə dövlət büdcəsindən ayrılan vəsaitin həcmi beş dəfə artırılıb. Eyni zamanda, 300-ə qədər yeni ümumtəhsil məktəbi tikilib və 240 məktəb müxtəlif fənn laboratoriyaları ilə təmin edilib. Təhsildə informasiya-kommunikasiya texnologiyalarının tətbiqi genişlənib.  Eyni zamanda, elm sahəsinə ayrılan vəsait də 31 faiz artaraq 3,8 milyon manat təşkil edib. Bütün bunlar isə Azərbaycan dövlətinin elm və təhsil sahəsinə yüksək diqqət və qayğısının, ölkəmizin parlaq gələcəyinin təmin olunmasının açıq ifadəsidir.
Düşünürəm ki, bu gün həyata keçirilən səmərəli islahatlar Azərbaycanın təhsil sisteminin inteqrasiyasına, ölkədə təhsilin standartlarının yüksəldilməsinə, Azərbaycan elminin dünyanın qabaqcıl dövlətləri ilə rəqabət qabiliyyətinin artırılmasına və nəticə etibarilə cənab Prezidentin də söylədiyi kimi, Azərbaycanın regionun elm mərkəzinə çevrilməsinə şərait yaradacaq. Əlbəttə ki, görülən bu işlərdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin uğurlu fəaliyyətinin də mühüm rolu var. Ona görə də, bir daha həm bu fəaliyyəti, həm  də təqdim edilən hesabatı yüksək qiymətləndirirəm.
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar, Azərbaycan hökumətinin hesabatı, əldə etdiyi nailiyyətlər bir daha ölkəmizin sürətli inkişafının, uğurlarının və nailiyyətlərinin göstəricisidir. Hesabatla tanış olanda görürük ki, həqiqətən də, bu gün Azərbaycan Respublikası stabil və dinamik inkişafına, həmçinin çevik daxili və xarici siyasətinə görə nəinki Cənubi Qafqazın, eləcə də Avropanın bir çox dövlətlərindən irəlidədir, hətta onlar üçün modeldir.
Ölkəmizdə Heydər Əliyev siyasətinin cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi, həmçinin sosial-iqtisadi islahatların siyasi reformalarla paralel həyata keçirilməsi nəticəsində Azərbaycanın timsalında iqtisadi inkişafın və demokratik tərəqqinin yeni nümunəsi formalaşıb. Odur ki, müasir dünyanın dövlətləri də Azərbaycanın təcrübəsini bölüşmək və düşdükləri vəziyyətdən çıxmaq üçün sözügedən modelə müraciət edirlər.
Hesabatda əksini tapmış məlumatlardan qlobal maliyyə və iqtisadi ləngimələr şəraitində Azərbaycanın dinamik inkişafını davam etdirdiyi açıq şəkildə görünür. Həmçinin Azərbaycanın beynəlxalq qiymətləndirmə agentlikləri tərəfindən irəliləyən ölkə kimi qiymətləndirilməsi yürüdülən sosial-iqtisadi inkişaf strategiyasının səmərəliyindən xəbər verir. Eyni zamanda, qeyd edim ki, Azərbaycanın sürətli inkişafı ölkəmizin beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsinə də şərait yaradıb. Məhz şahmat üzrə 2015-ci il Dünya Kuboku yarışlarının, 2016-cı il Dünya Şahmat Olimpiadasının və I Avropa Oyunlarının ölkəmizdə təşkil edilməsinin qərara alınması söylənilənlərin əyani sübutudur.
Əlbəttə ki, bütün bunlar Prezident İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi və şaxələndirməsi nəticəsində mümkün olub.
Hörmətli həmkarlar, din fəlsəfəsi mənəviyyatdan ibarətdir. Yəni insanın mənəvi baxımdan saflaşması və kamilləşməsi dinə elmi prizmadan yanaşdıqda baş verir. Lakin dindən məkrli planlar üçün istifadə edilməsi yolverilməzdir.
Bu gün bəzi dini cərəyanlar dindən bir alət kimi istifadə etməklə siyasi məqsədlərini reallaşdırmağa cəhd göstərirlər. Hətta siyasi təzyiqlər işə yaramadıqda bu cür dini cərəyanlar terrora, təxribatlara, insanlar arasında süni narazılıq yaratmağa çalışırlar. Əlbəttə ki, bütün bunların kökündə həmin dini cərəyanları maliyyələşdirən və idarə edən qüvvələrin mənafelərinin təminatı dayanır.
Bu baxımdan Azərbaycanda dövlətçiliyə qarşı çıxan dini təriqətlərə münasibət birmənalıdır. Onlara qarşı mübarizə aparılmalı, hüquqi davranış normaları tətbiq edilməli və din yalnız mənəviyyat faktoru olmalıdır. Diqqətinizə görə təşəkkür edirəm.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi