2014-ci il 4 aprel tarixli iclasın stenoqramı

fDÖRDÜNCÜ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
XI SESSİYASI İCLASININ

PROTOKOLU № 86

Milli Məclisin iclas salonu.
4 aprel 2014-cü il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 107
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
İmran Nəcəfov, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsi rəisinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Etibar Hüseynov, İqbal Ağazadə, Azay Quliyev, Qənirə Paşayeva, İlyas İsmayılov, Fəzail Ağamalı, Fazil Mustafa, Siyavuş Novruzov, Elmira Axundova, Aydın Mirzəzadə, Zahid Oruc

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 109
Nəticə: Qəbul edildi

1. İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vilayət Eyvazov, Çingiz Qənizadə, Elmira Axundova, Əli Hüseynli, Sabir Rüstəmxanlı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Qənirə Paşayeva, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

3. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Valeh Ələsgərov, Elmira Axundova, Fərəc Quliyev, Zahid Oruc

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi


4. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Ziyad Səmədzadə, Əli Hüseynli, Hadi Rəcəbli, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

5. “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

6. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

7. “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

8. “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

10. “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Valeh Ələsgərov, Aytən Mustafayeva, Siyavuş Novruzov, Qənirə Paşayeva, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. “Dövlət qulluqçularının icbari sığortası haqqında” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

13. “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

14. “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

15. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

17. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Bahar Muradova, Azər Badamov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

 

MİLLİ MƏCLİSİN İCLASI

4 aprel  2014-cü il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 107
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 109
Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik təsdiq edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyurun, yazılın.  Etibar Hüseynov, buyurun.
E.Hüseynov. Təşəkkür edirəm. Hörmətli Sədr, bir vacib məsələ ilə bağlı istəyirdim, ikicə dəqiqə vaxtınızı alam. Bildirmək istəyirəm ki, artıq beşinci gündür, sosial mediada çox iyrənc bir kampaniya və təxribatla üz-üzəyəm. Əvvəla, nə üçün təxribat? Məlum olduğu kimi, mənim bir proqramda kontekstdən çıxarılmış 3 dəqiqəlik çıxışım neçə gündür ki, sosial media və saytlarda tirajlanır. Məsələ ondadır ki, həmin videolar eyni adam və eyni ünvandan yayımlansa da, hər biri insanlarda qıcıq, mənfi emosiyalar yaradan müxtəlif təxribat yönümlü başlıqlar qoyularaq tirajlanır.
Digər bir məqama da diqqət yetirmənizi xahiş edərdim. Artıq iki gündür ki, mən, ümumiyyətlə, heç bir televiziya və qəzetə açıqlama vermirəm. Amma buna baxmayaraq, gün ərzində bəlkə də on dəfə mənim adımdan və dilimdən yenə də insanları qıcıqlandıran, onların ləyaqətini alçaldan müxtəlif səpkili müsahibələr və açıqlamalar verilir. Guya mən deyirəm ki, qaçqınlar kimdir ki, mən onlardan üzr də istəyim. Qarabağlılar getsinlər, torpaqlarını azad etsinlər, gedin, Suriyada vuruşmaq öyrənin və sair bu kimi iyrənc fikir və iftiralar yayırlar.
Bunların planlı şəkildə və bir mərkəzdən idarə olunan təxribat olması açıq-aşkar ortalıqdadır və uzun illərdən bəri şəxsimə qarşı aparılan “qara piar” kampaniyasının tərkib hissəsidir. Artıq bu insanların kim olmasını təxmin edirəm və bu məsələ ilə bağlı əldə etdiyim fakt və sənədləri toplayaraq lazımi instansiyalara təqdim edəcəyəm. Əminəm ki, yaxın günlərdə bu insanlar ifşa olunacaq və layiq olduqları cəzanı alacaqlar.
Digər bir məqam isə mənim həmin məlum çıxışım zamanı guya insanları bilərəkdən, qəsdən təhqir etmək məsələsidir. Tam səmimi şəkildə bəyan edirəm ki, həmin çıxışım zamanı heç kimi təhqir etmək fikrim olmayıb. Yeganə, həm də etiraf etdiyim səhv ondan ibarətdir ki, gərək həmin məsələ ilə bağlı daha ətraflı və dolğun, o cümlədən də daha ehtiyatlı danışaydım ki, insanlarımız arasında bu cür anlaşılmazlıq yaranmayaydı. Amma səbəbindən asılı olmayaraq, əgər məlum müsahibəm vaxtı bir kəsin qəlbinə, qüruruna, heysiyyatına toxunacaq hər hansı ifadə işlətmişəmsə, buna görə də heç bir sıxıntı çəkmədən həmin insanlardan üzr istəyirəm. Hesab edirəm ki, səhvini anlayıb üzr istəmək eyiblik deyil, əksinə, böyüklük əlamətidir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hesab edirəm ki, ayrı-ayrı məqamlara kifayət qədər aydınlıq gətirdim və ona görə də bu məsələni artıq qapanmış hesab edirəm. Üzümü xüsusi olaraq media işçilərinə tutaraq bildirmək istəyirəm ki, bu andan etibarən istintaq başa çatmamış bu məsələlərlə bağlı heç bir televiziyada və yazılı mətbuatda açıqlama verməyəcəyəm. Bu andan etibarən mənim adımdan yazılan və yayılan bütün müsahibələr və açıqlamalar saxtadır və təxribat xarakteri daşıyır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Birincisi, hələ yaxşı ki, sən danışıqlara geniş izahat verməmisən. Bu vəziyyətdən sonra nə qədər az danışsan, o qədər yaxşıdır.  Mən dünən İntizam komissiyasının sədri ilə bir yerdə Etibar Hüseynovu dəvət eləmişdim. Çox kəskin söhbətimiz oldu. Bütün səhvlərini etiraf etdi. Bu gün bir az yüngül danışdı, ancaq hesab edirəm ki, bu məsələni şişirtməyin heç bir adı yoxdur. Bacardığı, qabiliyyəti çatdığı qədər üzr istədi. Mən millət vəkillərindən xahiş edirəm ki, bu söhbətdən sonra məsələni bir daha xırdalamayaq. Bu məsələni kənara qoyaq, işimizi görməyə başlayaq. Sağ olun. Buyurun, İqbal Ağazadə.
İ.Ağazadə. Təşəkkür edirəm. Möhtərəm cənab Sədr, hörmətli millət vəkilləri! İki məsələyə diqqəti cəlb etmək istəyirəm. Diqqəti cəlb edəcəyim birinci məsələ İsmayıllı hadisələrinə görə həbs olunan şəxslərə Şəki Ağır Cinayətlər Məhkəməsi tərəfindən çox ağır cəzanın verilməsi və məhkəmə prosesi zamanı şahidlərin və məhkəməyə təqdim olunan sübutların heç birinin yetərli olmamasına baxmayaraq, çox ciddi qanun pozuntularına söykənən qərarın qəbul olunmasıdır. Mən hakimiyyət nümayəndələrinə çağırış edirəm ki, ən azı Apellyasiya Məhkəməsində həm Tofiq Yaqublunun, həm İlqar Məmmədovun, həm də İsmayıllı hadisələrinə görə həbs olunan digər şəxslərin apellyasiya şikayəti doğru-dürüst araşdırılsın, beynəlxalq təşkilatların, məhkəməni izləyən vətəndaş cəmiyyətinin, o cümlədən siyasi partiyaların nümayəndələrinin gəldiyi qənaətin təsdiq olunması üçün və bu insanların, doğrudan da, bu proseslərdə jurnalist və yaxud müşahidəçi kimi iştirakı nəzərə alınaraq onlara tətbiq olunan cəza aradan qaldırılsın.
İkinci, bilirsiniz ki, bu il ölkədə bələdiyyə seçkiləri keçiriləcək. Bələdiyyə seçkilərinin əhəmiyyəti kifayət qədər böyükdür. 1700 bələdiyyədə 17 minə qədər bələdiyyə üzvü seçilir. Lakin təəssüflə qeyd etmək istəyirəm ki, bələdiyyələrin statusu olduqca aşağıdır. Hətta elementar xidmət sahələri belə, bələdiyyələrin nəzarətində deyil. Bu gün ölkədə 20-yə yaxın xidmət sahəsi var. Onlardan yalnız beşi bələdiyyələrin funksiyasına aiddir. Bunların dördü də müştərəkdir, yəni icra strukturları ilə bir yerdədir. Yalnız bir sahə – qəbiristanlıqlara nəzarət bələdiyyələrin funksiyasına daxildir. Bu cür bələdiyyə seçkilərinə getməyin özü absurddur.
Təklif edirəm ki, qısa zamanda Milli Məclis “Bələdiyyələrin statusu haqqında” Qanuna yenidən baxsın. O cümlədən Avropa Şurasına daxil olarkən üzərimizə götürdüyümüz öhdəliyi – iri şəhərlərdə bələdiyyə başçılarının birbaşa xalq tərəfindən seçilməsini və sairi tətbiq etsin. O cümlədən də rayonlarda bələdiyyə məclislərinin birbaşa xalq tərəfindən seçilməsi də təmin olunsun. Bələdiyyələrin statusu genişləndirilsin və yerli özünüidarəçilik formalarına üstünlük verilsin ki, həm demokratikləşmə, həm də insanların yerlərdə şikayətlərini çatdırmaq və seçkili orqanlarda öz münasibətini bildirmək imkanları genişləndirilsin. Mən bununla bağlı təkliflər hazırlayıram və çox qısa zamanda parlamentin müzakirəsinə təqdim edəcəyəm. Xahiş edirəm, həm müvafiq komitələrdə, həm də Milli Məclisin plenar iclasında bu məsələyə baxılsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Mən də bir neçə məsələyə toxunmaq istəyirəm. Bunlardan birincisi BMT Baş Assambleyasında Ukrayna ilə bağlı keçirilən səsvermədə bir çox ölkələrin səciyyəvi mövqeyi və xüsusilə Azərbaycanın səsvermədə Ukraynanın ərazi bütövlüyünü dəstəkləyən qətnaməyə səs verməsi ilə bağlıdır. Hesab edirəm ki, bu, Azərbaycanın uzun illər həyata keçirdiyi prinsipial mövqeyin BMT tribunasından bir daha təsdiqi, sübutu idi. Azərbaycan Respublikasının Prezidenti bütün fəaliyyətində milli maraqları üstün tutaraq, heç bir siyasi, beynəlxalq şəraitdən asılı olmayaraq beynəlxalq hüquq normalarına daim dəstək və önəm verən bir mövqedədir. Buna görə də biz cənab Prezidentə təşəkkür etməliyik. Deməliyəm ki, bu mövqe nəinki beynəlxalq aləm, o cümlədən yerli ictimaiyyət tərəfindən də çox yüksək qiymətləndirildi. Azərbaycan istər Kosovo, istər Gürcüstan, istərsə də digər məsələlərdə hər zaman öz prinsipial və qətiyyətli mövqeyini sərgiləyib.
İkinci, hörmətli Sədr, bildirmək istərdim ki, bu gün Azərbaycanın dövlət siyasətinin beynəlxalq aləmdə təmin edilməsində, ümumiyyətlə, beynəlxalq diplomatiyada bizim parlamentarilərin də çox böyük rolu vardır. Bu gün biz Xarici İşlər Nazirliyi ilə çox yaxından əməkdaşlıq edirik, bir çox məsələlərdə məsləhətləşmələr aparırıq. Amma yaxşı olardı ki, biz işçi qaydada Xarici İşlər Nazirliyinin rəhbərliyi ilə də görüşlər keçirək, bir çox məsələlərdə məsləhətləşmələr aparaq. Mən bilirəm ki, Sizin də bununla bağlı mövqeyiniz müsbətdir. Yaxşı olardı ki, heç olmasa, ən azı rübdə bir dəfə Xarici İşlər Nazirliyinin müvafiq idarələri və yaxud nazir müavinləri ilə bizim beynəlxalq əlaqələrlə yaxından məşğul olan, bu prosesdə iştirak edən deputatların  görüşü keçirilsin, müəyyən məsləhətləşmələr aparılsın. Bu gün beynəlxalq aləmdə mövcud proseslərin getdiyi bir vaxtda belə bir məsləhətləşmələrə, sıx, yaxından əməkdaşlığa böyük ehtiyac vardır.
Üçüncü qeyd etmək istədiyim məsələ qeyri-hökumət təşkilatları ilə bağlıdır. Bilirsiniz ki, müvafiq qanunvericiliyə əsasən aprel ayının 1-də  qeyri-hökumət təşkilatlarının Maliyyə Nazirliyinə verməli olduqları hesabatın müddəti başa çatıb. Bizdə olan məlumata görə mindən çox qeyri-hökumət təşkilatı hələ də bu hesabatı verməyib. Bu o deməkdir ki, həmin təşkilatlara qarşı qanunvericilik çərçivəsində cərimə sanksiyaları tətbiq oluna bilər və hesab edirəm, bu da kifayət qədər böyük məbləğ olacaq. Ona görə də mən bildirmək istərdim ki, hələ təxminən 3 həftə vaxtımız var və bu müddət ərzində QHT-lər Maliyyə Nazirliyinə yenidən hesabatın verilməsini təmin etsinlər. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən son günlər Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq mülki vətəndaşları atəşə tutması və buna beynəlxalq təşkilatların laqeyd münasibəti ətrafında fikirlərimi bildirmək istəyirəm. Mən özüm 3 gün Tovuz rayonunun ön cəbhədə yerləşən kəndlərində oldum və Ermənistan silahlı qüvvələrinin atəşkəs rejimini pozaraq dinc insanları, mülki vətəndaşları hədəfə aldığının, öz evlərinin içərisində onları yaraladığının şahidi oldum. Düzdür, insanlarımız ön cəbhədə çox güclüdür və düşmənə layiqli cavab verirlər, amma Ermənistan silahlı qüvvələri hələ də öz xislətindən əl çəkmir, snayperlərlə, müxtəlif silahlarla insanları evlərində hədəfə alırlar. Bunun nəticəsində də bizim vətəndaşlarımız yaralanıblar.
Mən o beynəlxalq təşkilatlara, onların Bakıdakı ofislərinə, bir hadisə olan kimi həmin dəqiqə açıqlama verən təşkilatlara insanlarımızın səsini çatdırmaq istəyirəm. Nə ATƏT-in, nə BMT-nin, nə də digər beynəlxalq təşkilatların buradakı ofisləri mülki vətəndaşların öz evlərində hədəfə alınaraq yaralanmaları ilə bağlı açıqlama vermirlər. Bu təşkilatların biganəliyi Ermənistanı daha da məsuliyyətsiz hərəkətlərə sövq edir. Çox təəssüf edirik ki, ATƏT-in, BMT-nin, digər beynəlxalq təşkilatların ofisləri bir dəfə də olsun bu yaralı insanlara baş çəkməyib, bu insanların hüquqlarını müdafiə etməyib. Bu münaqişənin tənzimlənməsində məsuliyyət daşıyan BMT, ATƏT kimi beynəlxalq təşkilatlar səslərini ucaltmalıdırlar. Eyni zamanda, beynəlxalq insan haqları təşkilatlarının da səslərinin çıxmaması bizi ciddi narahat edir. Bu insanların səsinin daha çox duyulması üçün bu mövqeni çatdırmağımız çox önəmlidir.
Bizi narahat edən ikinci bir məqam var. Ermənistan özü boşalır, amma onlar pis əməllərindən əl çəkməyərək Suriyadan çıxan erməniləri Azərbaycanın işğal olunan ərazilərinə, Dağlıq Qarabağ ətrafı bölgələrə yerləşdirirlər. Bir neçə gün bundan əvvəl Qubadlı ilə bağlı şəkillər yayıldı. Bunların hamısı qəbul olunan sənədlərə, qətnamələrə ziddir. Yenə də beynəlxalq təşikilatlar buna münasibət bildirmədilər, onlara təzyiq etmədilər. Bu da Ermənistanı bu əməlləri törətməyə sövq edir. 
Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.
İ.İsmayılov. Cənab Sədr, Azərbaycan Respublikası Konstitusiyasının 55-ci maddəsinə əsasən vətəndaşlar dövlətin idarə olunmasında iştirak etmək hüququna malikdirlər. Bu hüququ da onlar seçkilərin keçirilməsi vasitəsilə ya bilavasitə, ya da nümayəndələri vasitəsilə həyata keçirirlər. Konstitusiyanın 56-cı maddəsində göstərilir ki, Azərbaycan Respublikası vətəndaşlarının dövlət orqanlarına seçmək və seçilmək hüququ vardır.
110 saylı Zaqatala seçki dairəsindən Milli Məclisin deputatı seçilmiş Hikmət İsmayıl oğlu Atayev 2013-cü il martın 7-də avtoqəza nəticəsində dünyasını dəyişdi, 2012-ci ildə 34 saylı Xətai ikinci seçki dairəsindən deputat seçilmiş Gülər Əhmədova məlum hadisələrdən sonra deputat mandatından imtina etdi, 2013-cü il  noyabrın 12-də Baş nazirin müavini təyin edilməsi ilə əlaqədar olaraq 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat seçilmiş Əli Əhmədov mandatını təhvil verdi. Beləliklə, Zaqatala seçki dairəsindən deputat yeri 1 il bir aydan çox, 34 saylı Xətai ikinci seçki dairəsindən deputat yeri 1 il 6 aydan çox, 19 saylı Nərimanov birinci seçki dairəsindən deputat yeri isə 4 aydan artıqdır ki, boş qalmaqda davam edir. Halbuki Azərbaycan Respublikası Seçki Məcəlləsinin 176.4-cü maddəsində birbaşa göstərilir ki, deputat mandatının boş qalmasından sonra bir ay müddətində müvafiq birmandatlı seçki dairələri üzrə əlavə seçkilər təyin edilir.
Göründüyü kimi, yuxarıda qeyd edilən seçki dairələri üzrə Konstitusiyanın 54, 55-ci maddələrinin və Seçki Məcəlləsinin 176.4-cü maddəsinin tələbləri pozulmaqda davam edir. Düşünürəm ki, bu işə yüksək siyasi və hüquqi təfəkkürlə yanaşılmalı, vətəndaşların Konstitusiyanın 54, 55-ci maddələrində təsbit olunan hüquqları təmin olunmalı, göstərilən 3 dairə üzrə seçkilər təyin edilib həyata keçirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Diqqətinizi artıq son vaxtlar ənənə şəklini alan və Azərbaycana qarşı böyük təhdidlərlə, hətta çəkinməyərək təhqirlərlə çıxış eləyən Rusiya Federasiyası Dövlət Dumasının üzvü, 56 deputatı təmsil eləyən, Dumanın rəhbərlərindən biri olan Vladimir Jirinovskinin sayıqlamalarına cəlb etmək istəyirəm. Mən onun fəaliyyəti haqqında geniş danışmaq istəmirəm, düşünürəm ki, onun fəaliyyəti, psixi durumu, Azərbaycana, türk dünyasına qarşı barışmaz münasibəti hər kəsə bəllidir. Lakin əgər o, Azərbaycanın ərazi bütövlüyünü təhdid edirsə, Dağlıq Qarabağın Rusiyaya birləşməsi ilə bağlı ardıcıl olaraq çıxışlarını ortalığa qoyursa, nəhayət, buna cavab verilməlidir.
Hörmətli cənab Sədr, mən təklif edirəm ki, Milli Məclisin rəhbərliyi səviyyəsində Rusiya Dövlət Dumasının  rəhbərliyinə onun fəaliyyətinin bu şəkildə davam etdirilməsinə son qoyulması ilə bağlı xəbərdarlıq edilməlidir. Eyni zamanda, birmənalı şəkildə belədir ki, onun bu cür sərsəm çıxışları Azərbaycan cəmiyyətində kifayət qədər pis qarşılanır və iki dövlət arasındakı münasibətlərin bundan sonra da yüksək səviyyədə qurulmasına öz mənfi təsirini göstərir. Əgər nəzərə alsaq ki, bu gün Rusiyada millətçilik meyli geniş şəkildə güclənməkdədir, onda, deməli, onun çıxışları heç də təsirsiz ötüşmür.
İkinci qaldıracağım məsələ 20 yanvar əlillərinin statusu ilə bağlıdır. Burada dəfələrlə bununla bağlı fikirlər söylənilib. Mənə istər fərdi olaraq, istərsə də 20 Yanvar Cəmiyyəti adından dəfələrlə müraciətlər olunub. Məsələ bundadır ki, onların statusu olmadığına görə əlilliyə aid bir sıra güzəştlər, sosial xarakterli imtiyazlar onlara verilmir və onlar bundan məhrumdur. Bilirsiniz ki, mərhum Prezidentimiz, ulu öndər Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla “20 yanvar şəhidi” fəxri adı təsis olunmuşdu. Daha sonra ölkə Prezidenti cənab İlham Əliyev 2006-cı ildə 20 yanvar şəhidlərinin ailələri üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında fərman imzalamışdır. Hər bir şəhid ailəsi 300 manat həcmində təqaüdlə təmin  olunur. Bunlar var, lakin onlar xahiş edirlər ki, 20 yanvar əlillərinin statusu müəyyənləşdirilsin.
Sədrlik edən. Sağ olun. Fəzail müəllim, Jirinovskinin xarakteristikasını özünüz verdiniz, ancaq deyim ki, onun danışıqları cavabsız qalmadı. Milli Məclis Sədrinin birinci müavini tərəfindən Jirinovskiyə çox tutarlı, arqumentli bir cavab verildi. Görürsünüz ki, o gündən onun səsi kəsilib. Amma bunları Milli Məclisin iclasına çıxarmamalıyıq. Deputatdır, kənarda danışır, sən də elə eyni şəkildə sözünü de. Bu məsələnin cavabı verilib və bu, birinci dəfə deyil. Bilirik ki, o necə adamdır. Bir adam ki öz əslini danır, ondan başqa nə gözləyə bilərsən? Fazil Mustafa buyursun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən, birinci, autizm deyilən xəstəliklə bağlı bir problemə toxunmaq istəyirəm. Bu məsələ tez-tez qaldırılır, kütləvi informasiya vasitələrində də gedir. Uşaqların yaddaşsızlığı, hətta yaxınlarını tanımaması, diqqətsizliyi kimi çox ağır bir xəstəlikdir. Valideynlər onun müalicəsini həyata keçirməkdə çox böyük çətinliklər çəkirlər. Ona görə də təklif edərdim ki, bu məsələyə diqqət ayrılsın. Qanunvericilik, yaxud da bir dövlət proqramı səviyyəsində bu xəstəliyə xüsusi diqqət yetirilsin ki, insanlara kömək edək. Bu xəstəliyə 500-ə yaxın Azərbaycan övladı tutulubdur. Autizmə qarşı səfərbər olmaq, cəmiyyətin bu problemin ortadan qaldırılmasına kömək eləməsi lazımdır.
İkinci, xatırlayırsınızsa, yaxın günlərdə Təhsil Nazirliyi tərəfindən açıqlandı ki, 32 həftə dərs saatları üçün kifayət deyil, bu, 35 həftəyə qaldırılmalıdır. Təkliflər də verildi ki, iyun ayında 3 həftə əlavə dərslər keçirilsin. Hörmətli millət vəkilləri, axı, reallıq hamımıza bəllidir, may ayının 20-sindən faktiki olaraq məktəbə gedən yoxdur. Onsuz da 9, 10, 11-ci sinif uşaqları “repetitor” yanına getdiklərinə görə məktəbə baş çəkmirlər. Bu çıxış məni, həqiqətən də, heyrətləndirdi. Dəfələrlə burada deyilib ki, 1 sentyabrda dərs başlasa, 2 həftə elə oradan irəli düşülür. Bir gün də hər bayramdan, yaxud da aralıq günlərdən kəsilsə, 3 həftə tamam olur. İyun ayında hansı azərbaycanlı uşağını məktəbə göndərəcək?
Bir də, unutmaq lazım deyil ki, icbari təhsildə yük valideynin üzərindədir. Valideyn maşın tutmalıdır, kitab almalıdır, uşağın bütün qayğısına qalmalıdır. İndi biz pulsuz təhsil deyirik, amma yük valideynin üzərindədir. Hələ iyun ayında valideyn öz vaxtından kəsərək bu problemi həll edirsə, nə qədər acınacaqlı bir vəziyyət yaranır. Ona görə də bu məsələyə, məncə, ciddi münasibət vacibdir. Dərslər sentyabrın 1-dən başlasın.
Üçüncü, son vaxtlar Azərbaycan rəhbərliyi tərəfindən Krım hadisələrinə çox ağır bir situasiyada münasibət bildirildi. Xüsusilə də Prezidentin BMT-də mövqeyinin ifadə olunması Azərbaycan üçün həm qürurverici, həm də açığı bizi narahat edən məsələdir. Vəziyyətdən çevik şəkildə  çıxmağı bacarmalıyıq. Ona görə də təklif edərdim ki, Yeni Azərbaycan Partiyası bir memorandum layihəsi təqdim eləsin. Bütün siyasi partiyalar ölkənin xarici siyasət kursunda vahid bir platformanın müdafiə həddini götürsünlər. Çox təhlükəli vəziyyətdir və bunun da diqqətə alınmasını xahiş edərdim. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim, autizm haqqında birinci təklifiniz çox yaxşı bir məsələdir. Hadi müəllim, bu məsələ ilə bağlı fikirləşmək lazımdır. Amma məktəb dərsliklərinin pulla alınmasını mən başa düşmədim.
Üçüncü məsələ ilə bağlı da Xarici İşlər Nazirliyi və cənab Prezident öz fikirlərini, mövqelərini bildiriblər. Bu da bizim hamımız üçün bir proqramdır. Azərbaycan hər cür təhdidlərə qarşıdır, bütün ölkələrin ərazi bütövlüyünü tanıyır. Biz bundan artıq nə deyə bilərik?
Mən ilk çıxışımda da demişdim. Ukrayna da, Rusiya da Azərbaycanın strateji tərəfdaşlarıdır. Bir az dərindən baxaq. Məsələn, Rusiyaya sanksiyalar tətbiq eləyirlər, amma bunlar Rusiyadan qabaq Ermənistana tətbiq olunmalı idi. Biz bu istiqamətdə danışmalıyıq. Ermənistan Azərbaycan ərazisini 22 ildir, işğal altında saxlayır. BMT-nin 4 qətnaməsi var, ancaq onlara qarşı heç bir sanksiya tətbiq olunmur. Biz öz məsələmizi qaldıraq, böyük dövlətlərin daxili məsələlərinə qarışmayaq.
Azərbaycanda bu hadisələr baş verəndə Minsk qrupunu yaratdılar ki, məsələlər dialoq yolu ilə həll olunmalıdır. Burada da lazımsa, Minsk qrupu yaranmalıdır. Rusiya–Ukrayna əlaqələri də bu Minsk qrupunun köməyi ilə nizamlanmalıdır. Orada tərəf saxlamaq söhbəti olmalı deyil. Biz gərək öz mövqeyimizdən çıxış edək, öz mövqeyimizi qoruyaq. Siyavuş Novruzov buyursun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də gündəlikdə olan qanun layihələrinə səs verəcəyəm, amma bir neçə məsələni qeyd etmək istəyirəm. Elə birinci, həmkarım Fazil müəllimin qaldırdığı məsələ ilə əlaqədar bildirim ki, Heydər Əliyev Fondu bu sahədə çoxşaxəli iş aparır. Bu cür xəstələrlə bağlı Nərimanov rayonu ərazisində 4 mərtəbəli, təminatlı bir bina sanatoriya, xəstəxana kimi fəaliyyət göstərir. Həmçinin yay vaxtlarında bu cür uşaqların qalması üçün Mərdəkan ərazisində Heydər Əliyev Fondu tərəfindən inşa edilmiş bir müəssisə də var. Cənab Sədr, Siz həm də çox düzgün olaraq Hadi müəllimə tapşırdınız ki, bunun sayı artırılmalıdır. Həm özəl şəkildə, həm də dövlət səviyyəsində bunların daha çox olması məqsədəuyğundur.
Bu məsələlərlə əlaqədar Yeni Azərbaycan Partiyasının mövqeyi aydındır. Yeni Azərbaycan Partiyasının sədrinin mövqeyi artıq BMT-də öz əksini tapıb. Amma təəssüflər olsun ki, başqa partiyalar dəstək göstərmək əvəzinə Azərbaycanın MDB-dən çıxmasını təklif edib qıcıq yaradırlar. Bir qrup da Rusiyanın həmsədrlikdən kənarlaşdırılması məsələsini ortaya atır. Bir dəstə ara qarışdırmaq üçün Krıma gedir, o biri başqa yerə gedir. Sonra da sual olunur ki, İsmayıllı hadisələri niyə baş verdi? İsmayıllı hadisələrinə də o cür reaksiya olmuşdu. Krıma gedənlər elə İsmayıllıya da getmişdilər. Hadisələrin nəticəsini gözləmədən Azərbaycana qarşı hər hansı bir qıcıq yaratmağa, hesab edirəm ki, ehtiyac yoxdur. Əgər siyasi partiyalar belə bir dəstək vermək istəyirlərsə, o zaman buyursunlar, bəyanatla çıxış etsinlər. Bu dəstəyi göstərə bilərlər.
Bələdiyyə ilə əlaqədar qəbul etdiyimiz qanunlar ən yüksək standartlara uyğundur. Milli Məclis bələdiyyə ilə bağlı 40-a yaxın qanun qəbul edib. Bələdiyyələrə kifayət qədər status verilibdir. Burada qeyd olundu ki, guya onlar təkcə qəbiristanlıqlara nəzarət edirlər. Bələdiyyə torpaqları, örüşlər, başqa-başqa sahələr var. Bələdiyyələrin ixtiyarında kifayət qədər bələdiyyə mülkiyyəti var və onlar bundan səmərəli istifadə etməlidirlər. Oradan gələn gəlirləri öz aralarında bölüşdürməməli, digər istehsal sahələrinə yatırmalı, məktəblər, bağçalar açmalıdırlar. Bələdiyyələrin statusu var. Bunları etmək lazımdır ki, oradan gələn gəlirlər də getdikcə bələdiyyənin inkişafına köməklik göstərsin. Ancaq təəssüflər olsun ki, elə gələn gəlirlər bələdiyyə üzvləri arasında əmək haqqı şəklində bölüşdürülür. Hesab edirəm, düzgün deyil. Bu ancaq xalqın müxtəlif sahələrdə işinə yararlı olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, bir neçə gün bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi “Yol nəqliyyatı”, “Ekoloji siniflər” dövlət standartına dəyişiklik etdi. Avro 4-ə keçidlə bağlı dövlətimiz tərəfindən həyata keçirilən tədbirlər təqdirəlayiqdir və çox böyük aktuallıq kəsb edir. Təəssüflər olsun ki, bir sıra beynəlxalq təşkilatların hesabatında dünyanın ən çirkli şəhərləri siyahısında Bakı ön sıralarda durur. Düzdür, belə siyahıların tam dəqiqliyinə inanmasam da, Bakı şəhərinin hər bir sakini təsdiqləyə bilər ki, paytaxtımız ekoloji cəhətdən yaşamaq üçün çox da komfort məkan deyil. Ən azı doğulan uşaqların az qala 100 faizinin allergik xəstəliklərə düçar olunması buna əyani sübutdur.
İki il yarım əvvəl Azərbaycanda atmosferə buraxılan tullantıların həcmi 957 min ton təşkil edirdi ki, bunun da 77 faizi, yəni 742 min tonu nəqliyyat vasitələrinin payına düşürdü. Yəqin, bu rəqəm indi daha da artmışdır. Köhnə avtomobillərin ekologiyaya vurduğu ziyan göz qabağındadır. Fikir verin, keçən il ölkəyə idxal edilmiş 100 min maşından 50 mini işlənmiş maşınlardır. Bu, həqiqətən də, böyük rəqəmdir. Fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin istismarını qəti şəkildə qadağan etmək mümkün deyil, çünki hüquqi baza yoxdur. Həmçinin bu cür qadağa qoymaq mülkiyyət hüququnun pozulması demək olardı. Bununla belə, problemin həlli yollarını tapmaq, planlı şəkildə davranmaq lazımdır.
İlk növbədə avro 4-ə uğurlu keçid üçün köhnə avtomobilləri dövriyyədən çıxarmaq lazımdır. Bunun üçün isə gərək köhnə avtomobilləri müsadirə etməklə avro 4 standartına uyğun avtomobillər alınması üçün vətəndaşlarımıza güzəştli şərtlərlə kreditlər, kompensasiyalar verilsin. Başa düşürəm ki, bütün bunlar böyük maliyyə vəsaiti tələb edir. Amma genişmiqyaslı tədbirlər görülməsə, avro 4-ə keçid proqramını uğurla həyata keçirmək mümkün olmayacaq, ya da bu proses uzun illər davam edəcək.
Müsadirə edilən avtomobilə görə kompensasiya ödənilməsi təcrübəsi, məsələn, Rusiyada artıq mövcuddur və öz bəhrəsini verməkdədir. İkinci məsələ isə bu cür avtomobillər üçün poliqonların qurulması, inşası və onların utilizasiyası problemidir. Təxmini hesablamaya görə proqram uğurla həyata keçirilsə, hər il orta hesabla 200–300 min maşın utilizasiyaya göndəriləcək. Bugünkü gündə isə Azərbaycanda bu qədər maşın qəbul edə biləcək bir dənə də olsun poliqon yoxdur. Açıq-aşkar görürük ki, avro 4-ə keçidi elan etməklə işlər bitmir, əksinə, çox çətin, amma ondan artıq dərəcədə lazımlı bir yola çıxmış oluruq. Buna görə də qeyd etdiyim bütün məsələlər aidiyyəti qurumlar tərəfindən ciddi araşdırılmalı və tədbirlər planı işlənib hazırlanmalıdır. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Bu gün Türkiyə Cümhuriyyətinin Baş naziri cənab Rəcəb Tayyib Ərdoğanın Azərbaycana rəsmi səfəri başlayır. Türkiyədə bu günlərdə keçirilən bələdiyyə seçkilərindən sonra Baş nazirin xaricə ilk səfəridir. Dünya praktikasında ümummilli seçkilərdən sonra ölkə rəhbərləri ilk səfərlərini həmin ölkənin xarici siyasətində prioritet yer tutan dost, qardaş ölkəyə edirlər. Bununla da xarici siyasətin vektorunu bir daha göstərməyə çalışırlar. Bu baxımdan Türkiyə rəhbərinin Azərbaycana səfəri Azərbaycanın Türkiyə üçün böyük əhəmiyyətini göstərir.
Azərbaycan və Türkiyənin qardaşlıq, dostluq münasibətləri bütün sahələrdə öz təsdiqini tapmışdır. Türkiyənin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləməsi və bu baxımdan Ermənistanı işğalçı dövlət adlandırması, Türki-yənin Azərbaycana investisiyalar yatırması, bir çox sahələrdə birgə layihələrin olması, əlbəttə ki, qardaşlığın nümunəsidir. Eyni zamanda, Azərbaycan da Türkiyəyə dostluq münasibətlərini həmişə göstərir. Beynəlxalq aləmdə Türkiyəyə qarşı basqılara ilk səsini qaldıran Azərbaycan oldu. Türkiyənin məruz qaldığı PKK təhlükəsinə qarşı Azərbaycan öz münasibətini dəfələrlə bildirib.
İki qardaş ölkənin bütün məsələlər üzrə birgə münasibəti təqdirəlayiqdir və bu onların beynəlxalq aləmdə nüfuzunun artmasına səbəb olan şərtlərdən biridir. Mən yüksək parlament tribunasından istifadə edərək cənab Baş nazirə “Azərbaycana xoş gəlmisiniz” demək istəyirəm və onun səfərinin Azərbaycan–Türkiyə münasibətlərinin daha da möhkəmlənməsinə xidmət edəcəyini bildirmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucun adı yazılıb, sonra pozulub. Sonra deyəcək ki, mənə söz vermədilər. Buyurun.
Z.Oruc. Hörmətli Sədr, hörmətli həmkarlar! Cənab Sədr, mənə çıxış üçün şərait yaratdığınıza və alicənablığınıza görə Sizə çox təşəkkür edirəm.
Cənab Sədr, hörmətli Aydın müəllimin fikirlərini davam etdirmək istəyirəm. Mən xüsusi vurğulamaq istəyirəm ki, Türkiyədə keçirilən 30 mart seçkiləri təkcə ölkədaxili hadisə olmayıb. Azərbaycanda, dünyanın əksər ölkələrində izlənilirdi. Öz-özlüyündə bu həm də, sadəcə, bir bələdiyyə seçkiləri deyil, az qala hakimiyyət məsələsini həll eləyən, bir sıra hallarda hətta Ərdoğana etimad referendumu kimi xarakterizə olunurdu.
Başqa tərəfdən, Türkiyə üzərində uzun illər müxtəlif mexanizmlər quran, təzyiq elementlərini işə salan dairələrin də bu seçkidə əlahiddə maraqları vardı. Ərdoğanın artıq hakimiyyəti dönəmində 8-ci seçkinin qalibi kimi türk xalqından etimad alması qardaş Türkiyənin uğuru olduğu kimi, Azərbaycan insanlarını da sevindirir.
Bəli, biz Türkiyənin daxili işlərinə qarışmırdıq. Orada hər hansı bir siyasi qüvvənin qələbəsi bizim tərəfimizdən eyni canidildən qəbul olunacaqdı. Lakin etiraf eləmək lazımdır ki, sayın Ərdoğanın hökumətə rəhbərliyi dövründə Azərbaycan–Türkiyə münasibətləri türk dünyasının iki liderinin – cənab İlham Əliyevin və sayın Ərdoğanın sayəsində irəliyə doğru gedibdir. Onlar türk dünyasının siyasi arxitekturasını formalaşdıran şəxsiyyətlərdir. Belə olan təqdirdə bir müsəlman ölkəsinin, bir islam dövlətinin ərazisində müxtəlif münaqişələr törədilməsi… İstənilən bir dövlətin həyatında bu uğur, onun inkişafı, daxilində müharibələr gedən, qanlar tökülən başqa ölkələrə də, necə deyərlər, bir nümunədir.
Sayın Ərdoğanın Azərbaycana səfəri, qeyd olunduğu kimi, çox mühüm bir dövrə təsadüf eləyir. Elə hesab edirəm ki, Türkiyə Azərbaycanın müxtəlif təhlükəsizlik məsələlərində çox yaxından iştirak eləyir. Eləcə də ölkəmiz Türkiyənin düşmənlərinə qarşı düşməndir. Əminəm ki, zamanında Naxçıvan məsələsində Qars müqaviləsi ilə Azərbaycanın ərazi bütövlüyündə mühüm yer alan Türkiyə qarşıdakı dönəmdə Qarabağ məsələsi üçün də Qars müqaviləsinə bənzər müqavilə ilə Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında yaxından iştirak edəcək.
2011-ci ildə cənab Prezidentlə imzalanmış Strateji Tərəfdaşlıq Şurası buna imkan verir. Artıq iki ölkənin imkanları var ki, münasibətlərini hərbi müttəfiqlik sazişi ilə tamamlasınlar. Artıq regionda olan əksər dairələr Türkiyənin Cənubi Qafqazda fəal bir siyasi oyunçu olduğunu qəbul edirlər. Elə hesab edirəm ki, bu səfər də, onun bağlı qapılar arxasında keçən hissəsi də iki ölkənin mənafelərinə xidmət edəcək və bu dövlətləri daha da gücləndirəcək. Bir daha sizə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Zahid müəllim. Dedin ki, biz müsəlman ölkəsiyik. Mən qəbul eləyirəm, amma biz dünyəvi dövlətik. Orada bir səhv buraxdın.
Gəlin, müzakirələri yekunlaşdıraq, gündəliyə keçək. Gündəliyin birinci məsələsi İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqındadır. Daxili işlər nazirinin müavini Vilayət Eyvazov, buyurun.
V.Eyvazov,  Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dünya birliyinin davamlı səylərinə baxmayaraq, insan alveri müasir dövrdə təhlükəli transmilli təhdidlərdən biri olaraq qalmaqdadır. İqtisadi, sosial, siyasi və digər amillərin doğurduğu bu problem minimal risk ilə yüksək gəlir gətirən qlobal cinayətkar biznesə çevrilmiş, onun müxtəlif formalarda özünü göstərən təzahürləri isə istisnasız olaraq bütün dövlətləri əhatə etmişdir.
Məlum olduğu kimi, Azərbaycanda həmin cinayətlərə qarşı hüquqi müstəvidə mübarizə 2003-cü ildə ölkəmiz Birləşmiş Millətlər Təşkilatının “Transmilli cinayətkarlığa qarşı” Konvensiyasına və onu tamamlayan protokola qoşulduqdan sonra başlamışdır. Ötən 10 ildə bu sahəyə dövlət, hökumət və parlament səviyyəsində göstərilən xüsusi diqqət sayəsində insan alverinin qarşısının alınması, açılması, istintaqı, məhkəmə təqibi, qurbanların müdafiəsi, hüquqlarının bərpası, sosial reabilitasiyası və təhlükəsiz repatriasiyası sahəsində beynəlxalq təşkilatlar tərəfindən də təqdir edilən müsbət nəticələr əldə edilmişdir.
Fəaliyyətin məqsədyönlü həyata keçirilməsində Azərbaycan Respublikası Prezidentinin imzaladığı normativ hüquqi aktların müstəsna rolu olmuş, o cümlədən 2004-cü ildə qəbul edilmiş ilk Milli Fəaliyyət Planı çərçivəsində bir çox təşkilati və praktiki məsələlər öz həllini tapmışdır. Belə ki, beynəlxalq təcrübə nəzərə alınmaqla zəruri qanunvericilik bazası formalaşdırılmış, ixtisaslaşdırılmış polis qurumu, insan alveri qurbanlarını müdafiə və onlara yardım mexanizmləri yaradılmışdır. Digər dövlətlər və beynəlxalq təşkilatlarla əməkdaşlıq əlaqələrinin təməli qoyulmuş və bu formatda səmərəli informasiya mübadiləsi aparılmışdır. Mütərəqqi təcrübənin öyrənilməsi, xüsusi polis qrupu əməkdaşlarının konfranslara, təlim və treninqlərə cəlb edilməsi kimi peşəkarlığın artırılmasına xidmət edən tədbirlər həyata keçirilmişdir.
Ölkə iqtisadiyyatının dinamik inkişafı, əhalinin məşğulluq və həyat səviyyəsinin yüksəlməsi ötən il icrası başa çatmış ikinci Milli Fəaliyyət Planının əhatə etdiyi 2009–2013-cü illərdə də əhəmiyyətli nəticələri şərtləndirmişdir. Həmin dövr insan alverinə qarşı mübarizədə müasir informasiya texnologiyalarının imkanlarından geniş istifadə edilməsi, qurbanlara göstərilən dövlət dəstəyinin artması və infrastrukturun yenilənməsi ilə səciyyəvi olmuşdu.
Bu müddətdə ölkəmiz insan alverinə qarşı mübarizə üzrə Avropa Şurasının Konvensiyasına qoşulmuş, iki qanun qəbul edilmiş, dövlət başçısı tərəfindən 3 fərman imzalanmışdır. Hökumətin müvafiq qərarları ilə 4 qayda, bir dövlət proqramı təsdiqlənmiş, insan alverindən zərər çəkmiş şəxslərə reinteqrasiya dövründə verilən müavinətin məbləği 10 dəfədən də çox artırılaraq 400 manata çatdırılmışdır. Zəruri qanunvericilik layihələrinin hazırlanmasında Daxili İşlər, Milli Təhlükəsizlik, Ədliyyə, Xarici İşlər nazirliklərinin və Baş Prokurorluğun nümayəndəliklərindən ibarət 2009-cu ildə yaradılmış işçi qrupunun da böyük rolu olmuşdur.
İnsan alveri qurbanları ilə bağlı milli istiqamətləndirmə mexanizminin əsas məqsədlərinə nail olmaq üçün 14 mərkəzi icra hakimiyyəti orqanı nümayəndələrinin təmsil olunduğu İdarələrarası komissiya da səmərəli fəaliyyət göstərmişdir. Respublikanın bütün şəhər və rayonlarında, çoxsaylı məktəb, lisey, kollec və uşaq evlərində mədəni-kütləvi tədbirlər, treninq və seminarlar keçirilmişdir.
Milli Fəaliyyət Planına uyğun olaraq Daxili İşlər  Nazirliyinin müvafiq baş idarəsinin nəzdində uşaqlar üçün lazımi avadanlıqla təmin edilmiş sığınacaq fəaliyyətə başlamış, Bakı şəhərində xüsusi orta təhsil məktəbi və körpələr evi ayrılmışdır.
Planın icrası çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən 33 layihə maliyyələşdirilmiş və bu məqsədlər üçün 230 min manatdan çox vəsait ayrılmışdır.
Hər iki Milli Fəaliyyət Planında müəyyən edilmiş əsas vəzifələrdən biri də insan alveri cinayətlərini hazırlayan və törədən şəxslərin aşkarlanıb məsuliyyətə  cəlb edilməsi olmuşdur. Bu istiqamətdə fəaliyyət bir an belə səngiməmişdir. Ötən 10 ildə digər hüquq mühafizə orqanları ilə birgə həyata keçirilən əməliyyat-axtarış tədbirləri və istintaq hərəkətləri ilə 566 insan alveri və 14 məcburi əmək faktı müəyyən edilmişdir. Bu əməllərə görə 385 nəfər cinayət məsuliyyətinə cəlb edilmiş, 5 mütəşəkkil dəstə və 152 cinayətkar qrup zərərsizləşdirilmiş, 529 qurbanın cəmiyyətə reinteqrasiyası təmin edilmişdir. Görülən işlər barədə hesabatlar Azərbaycan Respublikasının Prezidentinə məruzə olunmuş, Milli Məclisdə dinlənilmişdir.
Hörmətli millət vəkilləri, insan alverinə qarşı kompleks mübarizə tədbirləri 2013-cü ildə də ardıcıllıqla davam etdirilmişdir. Əsas diqqət qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsinə, qurbanların və ehtimal olunan qurbanların təhlükəsizliyinin gücləndirilməsinə, beynəlxalq əməkdaşlığın və idarələrarası əlaqələrin möhkəmləndirilməsinə yönəldilmişdir.
“İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasının implementasiyası ilə bağlı öhdəliklərin yerinə yetirilməsi üçün Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli qanunları ilə Cinayət Məcəlləsinə və “İnsan alverinə qarşı mübarizə haqqında” Qanuna müvafiq cinayətlərin əhatə dairəsinin genişləndirilməsinə, qurbanların   reabilitasiyasına və repatriasiyasına dair yeni normalar əlavə olunmuşdur.
Nazirlər Kabinetinin qərarları ilə şəxsin çətin həyat şəraitində olmasını təsdiqləyən sənədlərin siyahısı, onların sosial xidmət müəssisələrinə yerləşdirilməsi və insan alveri qurbanlarının repatriasiyası qaydaları təsdiq edilmişdir.
Qurbanlara təxirəsalınmaz tibbi, psixoloji, sosial və hüquqi yardımın göstərilməsində, məşğulluqlarının təmin edilməsində, yerlərdə izahedici işlərin aparılmasında qeyri-hökumət təşkilatlarının fəaliyyəti də böyük olmuşdur. Bu sahədə işlərin sistemli surətdə davam etdirilməsi məqsədi ilə ötən il Daxili İşlər Nazirliyi və İnsan Alverinə Qarşı Qeyri-Hökumət Təşkilatları Koalisiyası arasında 2013–2018-ci illər üçün yeni anlaşma memorandumu imzalanmış və perspektiv vəzifələr müəyyən edilmişdir.
İnsan alverinin profilaktikası çərçivəsində geniş auditoriyaya ünvanlanmış maarifləndirmə və təbliğat işinə də önəm verilmişdir. Aidiyyəti  dövlət orqanları və vətəndaş cəmiyyəti institutları tərəfindən respublikanın 14 şəhər və rayonunda, o cümlədən 15 internat məktəbində müvafiq tədbirlər təşkil edilmişdir. Gənclərin qeyri-hökumət qurumlarının, Daxili İşlər, Gənclər və İdman nazirliklərinin təşklatçılığı ilə respublikanın 12 şəhər və rayonunda mədəni-kütləvi aksiyalar keçirilmişdir. İnsan alveri, qanunsuz miqrasiya və onların doğurduğu təhlükələr barədə Heydər Əliyev Fondunun Birləşmiş Millətlər Təşkilatının Əhali Fondu ilə birgə layihəsi olan qısametrajlı filmlər, eləcə də Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sifarişi əsasında çəkilmiş sosial çarxlar yerli icra hakimiyyətlərinə, digər aidiyyəti dövlət və qeyri-hökumət təşkilatlarına təqdim edilmişdir.
Xarici ölkələrdə yaşayan vətəndaşlarımızın məlumatlandırılması və insan alverinin doğurduğu təhdidlərdən qorunması məqsədi ilə hazırlanmış normativ hüquqi aktlar toplusu, statistik məlumatlar və digər zəruri vəsaitlər Azərbaycan Respublikasının diplomatik nümayəndəliklərinə və konsulluqlarına göndərilmişdir.
Müvafiq cinayətlərin qarşısının alınmasında kütləvi informasiya vasitələrinin imkanlarından da geniş istifadə olunmuşdur. Görülən işlər və əldə edilən nəticələr respublikanın müxtəlif televiziya kanallarında və mətbuat səhifələrində işıqlandırılmış, elektron informasiya agentliklərinin və xüsusi polis qurumunun veb saytında yerləşdirilmişdir.
Əvvəlki illərdə olduğu kimi, insan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın yüksəldilməsi də diqqət mərkəzində saxlanılmışdır. Beynəlxalq Miqrasiya Təşkilatının, ATƏT-in Bakı ofisinin, Türkiyə Respublikası polisinin, Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyinin dəstəyi və bilavasitə iştirakı ilə xüsusi polis qurumunun işçiləri 22 seminar və konfransa cəlb olunmuşlar. Diqqətəlayiq haldır ki, ölkəmizin bu mühüm sahədə əldə etdiyi müsbət iş təcrübəsini bölüşmək üçün əməkdaşlarımız beynəlxalq təşkilatların müraciətləri əsasında xarici dövlətlərdə təlimlər keçməyə dəvət edilirlər.
Hüquq mühafizə orqanlarının təhsil müəssisələrində insan alverinə qarşı mübarizə məsələlərini tənzimləyən milli qanunvericiliyin və beynəlxalq sənədlərin müddəaları, bu növ cinayətlərin qarşısının alınması və açılmasının hüquqi və taktiki əsasları tədris olunur.
Təhlükəsiz sığınacağın və “Qaynar xətt” telefon xidmətinin əməkdaşları ATƏT-in Bakı ofisi, Səhiyyə Nazirliyi və İsveçrə Qlobal Fondu tərəfindən təşkil olunan təlimlərdə iştirak etmişlər. Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzvü olan təşkilatların nümayəndələri üçün treninqlər keçirilmişdir.
Bu gün insan alverinin problemlərinin həllində fəal mövqe tutan Azərbaycan etibarlı tərəfdaş olaraq müvafiq cinayətlərə qarşı beynəlxalq səviyyədə effektli sistemin yaradılması üçün davamlı səy göstərir. Bu baxımdan 2013-cü ilin dekabr ayında Brüsseldə Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında imzalanmış “Yerdəyişmə üzrə tərəfdaşlıq barədə Birgə Bəyannamə” həmin cinayətlərin təqibi sahəsində dövlətlərarası əlaqələrin inkişaf etdirilməsində xüsusilə əhəmiyyət kəsb etmişdir.
Digər tərəfdən, ayrı-ayrı vaxtlarda Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyinin, Beynəlxalq Miqrasiya Təşkilatının, Amerika Hüquqşünaslar Assosiasiyasının yerli nümayəndəliklərinin rəhbərləri və “Uşaq əməyinin aradan qaldırılması üzrə Beynəlxalq Proqramı”n əlaqələndiriciləri ilə işçi görüşlər keçirilmiş, müzakirələr aparılmışdır. Hörmətli millət vəkilləri, onu da diqqətinizə çatdırım ki, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin maliyyə təminatı ilə Gəncə şəhərində Regional reabilitasiya və inteqrasiya mərkəzi yaradılmışdır. Avropa Şurasının İnsan alverinə qarşı mübarizə üzrə ekspertlər qrupunun mütəxəssisləri insan alveri qurbanları üçün sığınacağın və yardım mərkəzinin fəaliyyəti ilə yerində tanış olmuşlar.
Xüsusi polis qurumunun və digər dövlət orqanlarının nümayəndələri beynəlxalq təşkilatlar tərəfindən həyata keçirilən layihələr formatında Amerika Birləşmiş Ştatları, Almaniya, Fransa, Avstriya, Türkiyə, Macarıstan, Polşa, Malayziya, Rusiya, Ukrayna, Belarus və Gürcüstanda təcrübə mübadiləsinə cəlb olunmuşlar.
Dövlət Əmək Müfəttişliyi Xidməti, Azərbaycan Həmkarlar İttifaqı, Sahibkarlar Konfederasiyası və Qeyri-Hökumət Təşkilatları Koalisiyasının nümayəndələri 18 şəhər və rayon üzrə 31 kənd təsərrüfatı və 8 yol-tikinti obyektində, 4 sənaye müəssisəsində və Qaradağ rayonunda yerləşən daş karxanalarında 45 monitorinq aparmışlar. Müvafiq tədbirlər zamanı məcburi əməyin qurbanları aşkar edilməsə də, əmək qanunvericiliyinin pozulması faktları müəyyən olunmuşdur. Görülmüş tədbirlərlə 27 Türkiyə və Azərbaycan vətəndaşına 3 şirkət tərəfindən 77 min manat məbləğində pul vəsaiti ödətdirilmiş, müxtəlif inşaat sahələrində çalışan 7215 işçi ilə əmək müqaviləsinin bağlanılması təmin edilmişdir.
Ümumən, qarşıda duran vəzifələrin məqsədyönlü icrası müvafiq sahədə kriminogen durumunun nəzarətdə saxlanılmasını, qurbanların vaxtında müəyyən edilib qabaqlayıcı tədbirlərin görülməsini şərtləndirmişdir. 2013-cü ildə həyata keçirilmiş əməliyyat-profilaktik tədbirlərlə 80 insan alveri və 4 məcburi əmək faktı aşkarlanmış, bu cinayətlərə görə 14-ü qadın və 3-ü kişi olmaqla 17 nəfər məhkəmə məsuliyyətinə cəlb edilmişdir. İnsan alveri cinayətində təqsirləndirilərək axtarışa verilmiş 17 şəxsdən 5-i tutularaq istintaq orqanlarına təqdim olunmuşdur. Müəyyən edilmiş 56 qurbandan 41-i qadın, 15-i kişi olmuşdur ki, onlardan da 19-u Türkiyə Respublikasına, 16-sı Birləşmiş Ərəb Əmirliklərinə, 15-i Rusiya Federasiyasına və 1-i İran İslam Respublikasına aparılmış, 5-i isə ölkə daxilində istismara məruz qalmışdır. Qurbanlardan 37-si sığınacağa yerləşdirilmiş və hər birinə zəruri yardımlar edilmişdir. O cümlədən 22-si işlə təmin olunmuş, 21-i peşə kursuna göndərilmişdir. Daha 63 qurbana maddi yardım göstərilmiş, 12 qurbanın öz ailəsinə qayıtmasına köməklik göstərilmişdir.
Bununla bərabər, dövlət vəsaiti hesabına 3 nəfərin cərrahi əməliyyat, bir nəfərin müalicəyə olan ehtiyacı, 3 əcnəbi qurbanın ölkə ərazisində qanuni yaşamaq hüququ təmin olunmuşdur. İbtidai istintaq və məhkəmə prosesi dövründə hər bir zərərçəkənə müdafiəçi ayrılmışdır.
Sığınacaqda yerləşdirilmiş insan alveri qurbanlarının himayəsində olan 23 azyaşlı Azərbaycan Uşaqlar Birliyi ictimai təşkilatının xətti ilə məktəbdənkənar təhsil, məntiqi təfəkkür, səhiyyə və peşə proqramlarına istiqamətləndirilmişdir. Baxımsız qalmış və risk qrupuna aid 52 nəfərə şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə alınmasında köməklik göstərilmişdir. Profilaktik tədbirlər çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 170 cinayət faktı da aşkarlanaraq 118 nəfər məsuliyyətə cəlb edilmişdir.
İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işə və təhsilə düzəltmə halları, əcnəbilərlə nikahdan ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar “Qaynar xətt” telefon xidmətinə daxil olmuş 14 minə yaxın müraciət araşdırılmış və hər biri üzrə qanunauyğun ölçülər götürülmüşdür.
Görülən işlər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən də müsbət dəyərləndirilməklə ötən ilin hesabat və rəylərində əksini tapmışdır. 2013-cü ilin iyun ayında isə Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin insan alverinə qarşı mübarizəyə dair yayımladığı məlumatda Azərbaycan bir pillə irəliləyərək ikinci sıra ölkələr siyahısına daxil edilmişdir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Beynəlxalq ekspertlərin hesablamalarına görə, hər il dünyada 27 milyonadək şəxs insan alverinin və məcburi əməyin qurbanına çevrilir ki, onların da yarıdan çoxunu qadınlar və uşaqlar təşkil edir. Göstərilən rəqəmlər köləliyin müasir forması olan həmin cinayətlərin beynəlxalq təhlükəsizliyə ciddi təhdidlər olduğunu bir daha təsdiqləyir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizənin səmərəli həyata keçirilməsinin xalqların ümumi rifahına və inkişafına nail olmaqda, təhlükəsizliyin təmin edilməsində zəruriliyini dəfələrlə vurğulamışdır. Müvafiq sahədə dövlət başçısının tapşırıq və tövsiyələri rəhbər tutularaq ölkəmizdə insan alverinin bütün formalarının qarşısının alınması və aradan qaldırılması istiqamətində kompleks tədbirlərin, o cümlədən beynəlxalq sənədlərdən irəli gələn öhdəliklərin icrasının sistemli surətdə davam etdirilməsi üçün 2014–2018-ci illəri əhatə edən üçüncü Milli Fəaliyyət Planının layihəsi hazırlanmış və Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim edilmişdir. Layihədə milli qanunvericiliyin, beynəlxalq konvensiyaların tələbləri, aidiyyəti nazirlik, komitə və xidmətlərin rəy və təklifləri, həmçinin ABŞ Dövlət Departamentinin, beynəlxalq və yerli qeyri-hökumət təşkilatlarının tövsiyələri nəzərə alınmışdır.
Cari ildə qarşımızda duran vəzifələr insan alveri ilə bağlı cinayət təqibinin və məcburi əməyin qarşısının alınması işinin gücləndirilməsi, Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin daha məqsədyönlü icrası, vətəndaş cəmiyyətinin, beynəlxalq təşkilatların, kütləvi informasiya vasitələrinin və özəl sektorun imkanlarından effektli istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin müvafiq maarifləndirmə tədbirlərinin yeni keyfiyyət səviyyəsinə yüksəldilməsidir.
Çıxışımın sonunda bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində verdiyiniz dəstəyə, ümumi işimizə böyük fayda gətirən əməkdaşlıq münasibətinizə görə hörmətli millət vəkilləri, sizin hər birinizə, həmçinin cəmiyyət institutlarının və milli mediamızın nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm. Bu il artıq bu növ cinayətlərlə mübarizənin 10 ilidir. Həmin tədbirlər davam etdirilir. Bu tədbirlərdə əvvəllər iştirak edən, lakin özü burada olmayan hər bir şəxsin əməyini yüksək qiymətləndiririk və onlara da minnətdarlığımızı bildiririk. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Vilayət müəllim, çox sağ olun. Həmişəki kimi, konkret, səviyyəli məlumat verdiniz. Müzakirəyə başlayırıq. Çingiz Qənizadənin sualı var. Buyurun.
Ç.Qənizadə. Təklif vermək istəyirdim. Bu hesabatın bizə vaxtında çatdırılması, Vilayət müəllimin də tam, dolğun məlumat verməsi, ümumiyyətlə, bu qurumun fəaliyyətinin hər gün mətbuatda işıqlandırılması belə deməyə əsas verir ki, biz artıq bu qurum haqqında kifayət qədər məlumatlıyıq. Ona görə təklif edirəm ki, bu məsələ müzakirəsiz səsə qoyulsun və qəbul olunsun.
Sədrlik edən. 7 millət vəkili yazılıb. Mən soruşmalıyam. Təkid edən varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Bu işlərdən bir az narazı qalan Elmira xanımdır. O, təkid edir. Buyurun, Elmira xanım.
E.Axundova. Başa düşə bilmirəm ki, biz burada mövzu üzrə vacib məsələləri müzakirə edəndə nəyə görə hüququmuz əlimizdən alınır? Əgər kim isə müzakirəyə qoşulmaq, işləmək istəmirsə, gəlməsin də. Başqa işləri varsa...
Sədrlik edən. Elmira xanım, hüququn əlindən alınsa idi, söz verilməzdi. Gördünüz, təklif verdi. Ona görə müqəddiməsiz başlayın. Mikrofon verin.
E.Axundova. Biz məruzəni dinlədik. Mən də onu qənaətbəxş hesab edirəm və lehinə səs verəcəyəm. Lakin istərdim ki, bir sıra məsələləri hörmətli Vilayət müəllimin nəzərinə çatdıraq. Mən tərifedici birinci səhifəni qırağa atıram. Birinci səhifə tam tərif idi, onu siz eşitdiniz. Lakin çox vacib bir məsələ ilə bağlı bir sualım var. Bu da uşaqların və yeniyetmələrin məcburi əməyə cəlb olunması ilə əlaqədardır.
Siz bildirdiniz ki, kənd təsərrüfatı, yol tikintisi, sənaye müəssisələri və Qaradağ rayonundakı daş karxanalarında işçi qrupunuz 45 monitorinq həyata keçirib. Amma bu obyektlər içərisində nədənsə ictimai nəqliyyat vasitələri qeyd edilmir. Bir də, üçüncü səhifənin giriş hissəsində yazılır ki, Milli Koordinator yanında işçı qrupu daş karxanalarında və inşaat meydançalarında mütəmadi reydlər keçirib. Amma ictimai nəqliyyatda, məişət xidməti müəssisələrində, xüsusən restoran və şadlıq evlərində belə reydlərin keçirilməsi barədə bir dənə də olsun məlumat yoxdur. Halbuki əvvəlki müzakirə zamanı Milli Məclisin deputatları həmin müəssisələrdə yeniyetmələrin məcburi əməyə cəlb edilmələrini narahatlıqla qeyd edirdilər. Mənim sualım belədir. Nə üçün hesabatda qeyd etdiyim sahələrlə bağlı heç bir məlumat qeyd olunmayıb? Belə faktlar, ümumiyyətlə, yoxdur, yoxsa bu sahələr diqqətdən kənarda qalıb?
Ədalət naminə qeyd etmək istəyirəm ki, ictimai nəqliyyatda vəziyyət tədricən yaxşılaşır. Yeniyetmələrin məcburi əməyə cəlb edilməsi məsələsi tədricən aradan qalxır və biz avtobuslarda uşaqların işləməsinə nadir hallarda rast gəlirik. Lakin avtoyuyucu, avtoservis, restoran, şadlıq saraylarında vəziyyət olduğu kimi qalmaqdadır. Bilirik ki, şadlıq saraylarının, nəhəng restoranların böyük əksəriyyəti nüfuzlu və tanınmış şəxslərə məxsus olduğu üçün qeyri-hökumət təşkilatlarının əməkdaşlarını,  ya da işçi qrupunun nümayəndələrini ora buraxmaya bilərlər. Amma problemi, necə deyərlər, “avtoritet”ə baxmayaraq, müəyyən bir yolla həll etmək lazımdır. Buna görə Milli Koordinatorun məlumatında məcburi əməyə cəlb etməklə bağlı keçən il cəmi 4 faktın qeyd olunması çətin ki, reallığı əks etdirir. Düşünürəm ki, bu rəqəm daha çoxdur. Sadəcə olaraq, işçi qrupunun üzvləri, müvafiq nazirliklər və idarələrin nümayəndələri, təkrar edirəm, həmin obyektləri ziyarət etmir, ya da həmin şəxsləri o obyektlərə buraxmırlar.
İş orasında deyil ki, yeniyetmələr işləməməli, ailələrinə kömək etməməlidirlər. Əksinə, bu öz-özlüyündə mənfi akt deyil, labüddür. Amma təkrar edirəm, bu o halda mümkündür ki, yeniyetmə  təhsildən və məktəbdən uzaqlaşmasın. Təəssüflər olsun ki, bu cür faktlar gerçəklikdə Milli Koordinatorun məlumatında göstərilən rəqəmdən qat-qat çoxdur. Mən hələ Bakı küçələrində sürücülərin bəlasına çevrilmiş və hər gün az qala maşının altına atılan onlarca saxta dilənçi yeniyetmələr haqqında danışmıram. Onlar da məcburi əməyə cəlb edilən qurbanlardır. Təəssüf ki, bu sahədə problemlər kifayət qədərdir. Yaxşı hal olardı ki, biz Milli Koordinatorun bizə təqdim etdiyi informasiya üzrə açıq və prinsipial şəkildə danışaq, necə ki, Vilayət müəllim özü çox açıq və prinsipial danışdı.
Mən Milli Koordinatordan çox xahiş edirəm ki, qaldırılan məsələlərə diqqət yetirilsin. Onun işçi qrupuna uğurların davamını diləyirəm. Həmçinin elə bir zaman gəlməsini arzu edirəm ki, biz bir daha bu cür illik məlumat və hesabatları heç dinləməyək. Sadəcə, bu cür mənfi halların kökü kəsilsin və belə dinləmələrin keçirilməsinə ehtiyac qalmasın. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. İki millət vəkilinin sualı var. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, mənim təklifim var, qısaca onu demək istəyirəm. İkinci Milli Fəaliyyət Planının belə uğurlu başa çatmasının əsas səbəbi ondan ibarət oldu ki, hörmətli Vilayət müəllim bir koordinator kimi bu dövr ərzində həm beynəlxalq, həm milli qeyri-hökumət təşkilatları ilə, həm mətbuatla, həm də ictimaiyyətlə çox səmərəli əməkdaşlıq qurmuşdu. İndi növbəti fəaliyyət planının layihəsi hazırlanıb. Ümidvaram ki, bu siyasət davam edəcək. Mən yeni fəaliyyət planının  bu il geniş ictimai müzakirəsinin keçirilməsini təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, çox yaxşı fikirdir. Sabir Rüstəmxanlı buyursun, sualı var.
S.Rüstəmxanlı. Hörmətli Milli Məclis, mən də hesab edirəm ki, bu məruzə kifayət qədər peşəkarlıqla hazırlanıb və ölkədə insan alverinə qarşı mübarizənin ildən-ilə genişləndiyini və uğurlu nəticələr verdiyini təsdiq edir, göstərir. Əli bəyin dediyi kimi, bunun səbəblərindən biri odur ki, koordinator ölkədəki qeyri-hökumət təşkilatları, mətbuatla, digər qurumlarla çox uğurlu bir iş birliyi yarada bilib.
Məni narahat edən və sual vermək istədiyim bir məsələ var. Bu barədə də müəyyən işlər görülüb, mənə məlumdur, amma hər halda bir daha o məsələyə diqqəti cəlb etmək istəyirəm. Necə olur ki, Azərbaycanda imkanlı ailələr öz uşaqlarının tərbiyəsi üçün hökmən kənardan, deyək ki, Filippindən, dünyanın ən uzaq guşələrindən qadınlar dəvət edirlər. Vaxtilə heç o ölkələrin adlarını bu ailələr eşitməmişdilər. Məgər Azərbaycanda ingilis dilini bilən və ya uşaqlara dayəlik  edə biləcək işsiz qadınlar tapmaq mümkün deyilmi? Bunun səbəbləri aydındır. Daha çox bunu zəngin ailələr edir, öz evlərinə yerli adamları buraxmaq istəmirlər. Filippinli gəlib-getsin, onu narahat etmir. Məncə, buna qarşı mübarizə gücləndirilməlidir, çünki mən filippinli dayənin tərbiyə etdiyi uşağın gələcəyini təsəvvür edə bilmirəm. Uşağın gözünün qabağında bir mələk simasında dayə olmaqdansa, bir filippinli qadın olacaq. Mən onu təhqir etmək istəmirəm, amma hər halda bizim  öz mentalitetimiz var. O uşaqlar öz  süd analarının, öz dayələrinin sifətini görsələr, daha yaxşı olar.
Mən çox istərdim ki, insan alverinə qarşı mübarizə proqramlarında bu ailələrə kimlərin dəvət olunması məsələsinə diqqət artırılsın. Mən bilirəm ki, hətta polis işçilərinin içərisində elələri olub ki, o cür kənardan dəvət ediblər. Müəyyən cinayət işinin başlanması faktları da var. Amma hər halda bu sahədə müəyyən ardıcıl iş daha da genişləndirilməlidir. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çıxışları saxlayaq, çünki çıxışlardan sonra suallar başlayır. Xahiş edirəm, İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı haqqında məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Ancaq Vilayət müəllim, xahiş edirəm, bu layihənin ictimai müzakirəsi məsələsinə bir baxasınız. Buyurun.
V.Zahirov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Elmira xanımın qaldırdığı məsələ çox ciddi məsələdir. Həqiqətən də, ola bilsin ki, o sahədə nəzarət bir o qədər lazımi səviyyədə olmayıbdır. Lakin bu gündən etibarən o sahələrdə olan qanun pozuntuları, xüsusilə balaca qızların, ümumiyyətlə, azyaşlıların işə cəlb olunması məsələsini aradan qaldırmaq üçün qətiyyətli tədbirlər görüləcək. Heç bir problem də ola bilməz. Bu məlumatların da bizə qaynar xətt vasitəsi ilə və ya Daxili İşlər Nazirliyinə birbaşa verilməsini xahiş edirik.
Əli müəllimin qaldırdığı məsələ ilə bağlı biz əvvəl də məlumatlıydıq. Çox yaxşı olar, biz onu hazırlayacağıq, birgə keçirəcəyik.
Hörmətli millət vəkili Sabir Rüstəmxanlının  qaldırdığı məsələ ilə əlaqədar deyim ki, Azərbaycan inkişaf edən ölkədir. Bura işləməyə gələn də, buradan işləməyə gedən də var. Bu, miqrasiya problemləridir.  O məsələni də aidiyyəti orqanlar qarşısında qaldırmağa söz veririk. Hesab edirəm ki, orada da problem olmayacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Gündəlikdəki 2-ci məsələ “Azərbaycan Respublikası Hökuməti və İraq Respublikası Hökuməti arasında diplomatik, xüsusi və xidməti pasportlara malik şəxslərin vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, biz bu tipli sazişləri parlamentdə ənənəvi olaraq müzakirə və təsdiq edirik. Diplomatik, xidməti pasportları olan Azərbaycan vətəndaşlarının bu ölkələrə gedişi bundan sonra xeyli yüngülləşir. Siz görürsünüz ki, bu sazişlərin içərisində yeni coğrafiya əmələ gəlir. İraq Respublikası və Azərbaycan Hökuməti arasında belə bir sazişin imzalanması artıq gündəmdədir. Bu da çox vacib olan bir məsələdir.
Azərbaycan bütün ölkələrlə, o cümlədən inkişaf edən ölkələrlə əlaqələr qurmaqdadır. Nəzərə  alsaq ki, bu gün Azərbaycanın həm beynəlxalq, həm də beynəlxalq iqtisadi əlaqələri yalnız Avropanı yox, Şərqi, o cümlədən Yaxın Şərqi əhatə edən istiqamətdə inkişaf edir, onda belə bir sazişin parlamentdə ratifikasiya olunması çox vacib bir məsələdir.
Siz bilirsiniz ki, Azərbaycan Avropa üçün neft və qaz nöqteyi-nəzərindən çox vacib bir ölkədir. İraq enerji daşıyıcıları nöqteyi-nəzərindən inkişaf edən ölkələr içərisindədir. Bu gün Azərbaycanla Türkiyə Avropanın enerji təhlükəsizliyini təmin edən ölkələrə çevrilirlərsə, bu ölkələr  dairəsinə yenilərinin yalnız Avropadan yox, Şərqdən də daxil olması siyasi və strateji əhəmiyyət daşıyan bir məsələdir. Bu strateji əhəmiyyət daşıyan məsələnin ilk mərhələdə həll olunması məmurların, vəzifə sahiblərinin, diplomatik pasportlara malik olan insanların hər iki tərəfdən gediş-gəlişinin asanlaşdırılmasıdır. Bu saziş birbaşa belə məqsədlərə xidmət edir. Ona görə biz bu sazişin bu gün parlamentdə təsdiq olunmasının tərəfdarıyıq və hörmətli millət vəkillərindən də xahiş edirəm ki, bu sənədə müsbət münasibət bildirsinlər. Sağ olun.


Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova  sədrlik edir

Sədrlik edən. Sağ olun, Səməd müəllim. Qənirə Paşayeva.
Q.Paşayeva. Çox sağ olun. Hörmətli Bahar xanım, hörmətli millət vəkilləri!  Təbii ki, mən bu sazişin təsdiq edilməsinə səs verəcəyəm. Bu, diplomatik, xüsusi və xidməti pasportlara malik  vətəndaşların vizasız gediş-gəlişi üçün çox önəmlidir. Azərbaycanla İraq arasında münasibətlər getdikcə inkişaf edir. Bu saziş də bu münasibətlərə öz töhfəsini verəcək.
İraq bizim üçün hər hansı bir uzaq ölkə deyil. Biz Azərbaycan–İraq parlamentlərarası dostluq qrupunun üzvləri olaraq İraqdan gələn bütün  insanlarla görüşürük. İraq 98 faiz eyni ləhcədə danışdığımız 3 milyon insanımızın yaşadığı bir ölkədir. İraq bizim üçün bu aspektdən də çox yaxın bir ölkədir.
Oradan gələn həm millət vəkilləri ilə, həm də soydaşlarımızla görüşdə onlar parlamentin 2010-cu il 22 oktyabrda qəbul etdiyi “Azərbaycan Respublikasının İraq Respublikasında səfirliyinin təsis edilməsi haqqında” Qanunu və 2010-cu il 12 noyabrda İraq Respublikasında səfirliyin fəaliyyətinin təmin edilməsi haqqında cənab Prezidentin sərəncamını çox yüksək səviyyədə dəyərləndirirlər. Bu, təbii ki, İraqla münasibətlərə, eyni zamanda, orada yaşayan soydaşlarımıza verilən bir diqqətdir. Görüşlər zamanı səfirliyin qısa zamanda təsis edilməsini, fəaliyyətə başlamasını türk kökənli soydaşlarımızla bərabər İraqdan gələn bütün heyətlər xahiş edirlər. Müxtəlif dini mərasimlərlə bağlı Nəcəfə, Kərbəlaya, Kufəyə gedən insanlarımız var. Onların da orada müəyyən problemləri ortaya çıxa bilir. Xarici işlər nazirimizə də müraciət edirəm, orada səfirliyimizin təsis edilməsi, fəaliyyətə başlaması çox yaxşı olardı. Mən dostluq qrupunun üzvü kimi həmkarlarımızın və soydaşlarımızın müraciətlərini nəzərə alaraq bu məsələnin bir az tezləşdirilməsini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Gündəliyin 2-ci məsələsini səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


Qəbul edildi, sağ olun.
Gündəliyin 3-cü məsələsi  “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. Milli Məclis Sədrinin müavini cənab Valeh Ələsgərova söz verilir. Buyurun, Valeh müəllim.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, Bahar xanım. Hörmətli deputatlar, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2014-cü il 6 mart tarixli məktubu ilə “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilib. Komitəmizdə bu məsələ müzakirə olunub və mən qanun layihəsini sizə təqdim edirəm.
Dəyişikliklər nədən ibarətdir? Qanun layihəsi sizə də paylanılıb, mövcud qanunda 10-cu maddənin 4-cü hissəsi ləğv edilir.   Eyni zamanda,  qanuna yeni bir maddə əlavə edilir. Əlavə edilmiş yeni maddə, gördüyünüz kimi, ləğv edilən hissədən fərqli olaraq xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərinin sanitariya və mühafizə zonalarının müəyyən edilməsini, xüsusi mühafizə olunan ərazilərin torpaq və su sahələrinin kənar antropogen təsirlərdən qorunmasını, həmin ərazilərdə təsərrüfat fəaliyyətini tənzimləyən qaydaların təmin edilməsini, sanitariya-mühafizə zonalarında əmlakdan istifadə qaydalarını, fəaliyyət növlərini və sairi daha geniş, daha aydın, dəqiq şəkildə müəyyən edir. Ehtiyac duyarsınızsa, bu məsələlər haqqında daha geniş danışmaq olar. Ancaq bildiyim qədər dəyişiklik o qədər dəqiq, o qədər dürüst dildə yazılıb ki, artıq izahata, fikrimcə, ehtiyac yoxdur. Əminəm ki, təklif edilən dəyişiklikləri dəstəkləyib qəbul edəcəyik.
Bircə məsələyə toxunmaq istəyirəm. Təklif edilən dəyişiklik Azərbaycan Respublikasında ətraf mühitin qorunması sahəsində aparılan siyasətin davamıdır. Bununla əlaqədar bir neçə rəqəmi sizə xatırlatmaq istəyirəm. Azərbaycan Respublikasında  1991-ci ildə elektrik enerjisinin istehsalında 1 ildə 3 milyon ton, 2001-ci ildə 2 milyon tona yaxın mazut yandırılırdı. Bu gün cəmisi bir neçə on min ton yandırılır ki, o da  xırda stansiyaların payına düşür. Deməli, 3 milyon ton mazut yandırılmır. Nəticədə havaya buraxılan karbon-bioksid, kükürd-bioksid və sair başqa maddələrin miqdarı azalıbdır.
Bununla bərabər, fikir verirsinizsə, son 8 ildə Azərbaycan Respublikasında kiçik su-elektrik stansiyalarının inşaatı geniş şəkildə aparılır. Nəticə olaraq son 7 ildə Azərbaycan Respublikasında su-elektrik stansiyalarında istehsal olunan elektrik enerjisinin miqdarı 30 faizdən çox artıbdır. Buna görə də Birləşmiş Millətlər Təşkilatının müvafiq qurumu Azərbaycan Respublikasını havaya buraxılan çirkli maddələrin azalmasına görə aparıcı ölkələrin sırasında göstərir. Elektrik enerjisinin istehsalında tullantıların 2,4–2,5 dəfə azalması böyük bir rəqəmdir. Heç bir ölkədə bu rəqəmə nail ola bilməyiblər. Ona görə də ətraf mühitin qorunması haqqında görülən tədbirlərdən danışanda, xahiş edirəm, bunları da nəzərə alaq və Azərbaycan hökumətinin bu istiqamətdə gördüyü işləri dəstəkləyək. Təşəkkür edirəm. Əminəm ki, dəyişiklikləri qəbul edəcəyik. Sağ olun.
Sədrlik edən. Valeh müəllim, çox lakonik, eyni zamanda, kifayət qədər ətraflı təqdimatınıza görə sağ olun. Şəxsən mənim üçün burada yeni rəqəmlər səsləndi. Mən əminəm ki, çıxış edənlər də, ətraf mühitlə bağlı tənqidi fikirlərini formalaşdıranlar da Azərbaycan hökumətinin atdığı bu addımları ciddi nəzərə alacaqlar. Müzakirəyə keçirik. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. “Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında” Qanuna təklif edilən dəyişiklikləri təqdirəlayiq hesab edirəm. Məncə, onlar çox aktual və məntiqlidir.
Bununla bağlı bir neçə sualım var. Belə ki, təklifə əsasən xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonası xüsusi mühafizə olunan təbiət ərazilərinin torpaq və su (akvatoriya) sərhədlərinin hüdud xəttindən bütün perimetri boyunca 3 min metrədək məsafədə müəyyən edilir. Bu cür ərazilər, yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən müəyyənləşəcək. Sual da belədir ki, təzə yaradılan zonalar yeni və boş ərazilərdə, yoxsa məskunlaşmış və artıq müxtəlif məqsədlər üçün istifadədə olan ərazilərdə yaradılacaq? Nəyə görə soruşuram? Bu məsələ bəzi mülkiyyətçiləri narahat edə bilər, çünki biz bir neçə il əvvəl qanunvericiliyə dəyişiklik etməklə Xəzər sahilində yerləşən obyekt sahiblərinə, məsələn, icazə vermişik ki, dənizə 30 metr məsafədə öz obyektlərini qursunlar, əraziləri hasarlasınlar. Hazırda Şıxov və Ələtə gedən yolda, həmçinin Abşeron yarımadasında, Bilgəhdə, Buzovnada, Mərdəkanda və sair yerlərdə 30, 50, 100 metrdən sonra bağ evləri, pansionat, mağazalar, super marketlər və sair obyektlər yerləşir.
İkinci sualım ondan ibarətdir ki, xüsusi mühafizə olunan təbiət əraziləri bu obyektlərlə üst-üstə düşdükdə onların taleyi necə olacaq? Sahibkarlar bu təhlükə ilə qarşılaşa və həmin mülkiyyətlər xüsusi mühafizə olunan təbiət ərazilərinə daxil olduqda mənimsənilə bilərlərmi? Zənnimcə, bu suallara da konkret cavablar verilməlidir ki, həmin qanun inplamentasiya edilərkən mülkiyyətçilər yeni problemlərlə üzləşməsinlər və məmurlar bu dəyişikliklərdən onlara qarşı sui-istifadə etməsinlər. Xahiş edirəm, bu məsələlərə aydınlıq gətirilsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım. Fərəc Quliyev.
F.Quliyev. Çox sağ olun, Bahar xanım. Bu qanuna çox mühüm dəyişikliklər edilir. Mən xüsusilə 10-1.7.6-cı maddəyə toxunmaq istəyirəm. Burada yerli fauna və flora növlərinə uyğun olmayan növlərin introduksiyası məsələsi vardır. Çox yerində olan məsələdir. Çünki son vaxtlar Bakıya yerli mühitə uyğun və aid olmayan bitki növləri gətirilir və yerli bitkilərin əvəzinə əkilir.  Dünyanın hər yerində təbiət yerli mühitə uyğun olan bitkilərdən istifadə olunmaqla zənginləşdirilir. Amma, bilmirəm, bizdə bu nə məqsədlə edilir? Onların da bir çoxu sonradan sıradan çıxır. Bunlar heç bir mənası olmayan davranışdır. Bu məsələyə müvafiq icra strukturları tərəfindən bir münasibət olmalıdır ki, yerli növlərdən istifadə olunsun.
Başqa bir məsələ. Dəniz kənarında olan bir şəhərdə göl salmaq üçün Gənclikdə böyük bir sahədə yüzlərcə ağac qırılır və yerində göl salınır. Məncə, daha çox Bakının “ağ ciyərlərini” artırmaq üçün ağacların salınmasından istifadə eləməliyik. Bakı Xəzər dənizinin kənarında yerləşən şəhər olduğu üçün göllə ağacları dəyişmək yanaşması doğru deyil.
1.7.7-ci maddədə “ərazinin hidroloji rejimini pozan və torpağın münbitliyinə təsir edən işlərin görülməsi” qeyd olunub. Masazır duz gölünü, yəqin ki, hər kəs tanıyır və yanından keçəndə görürlər. Bu il onun davranışı tamamilə dəyişdi, ortasından çarpaz bir xətt – torpaq sahəsi çəkilib. Onun qabarma və çəkilməsindən duz əmələ gəlirdi və orada əsrarəngiz mühit yaranırdı. Onun ekologiyası pozulur. Mən hesab edirəm ki, orada görülən işlərlə bağlı izahat verilməlidir. Göründüyü kimi, gölün bir hissəsini qurutmaqla məşğuldurlar və orada artıq obyektlər tikməklə, zir-zibili tökməklə bu işi görürlər. Bu cür əsrarəngiz təbiət hadisəsinə zərbə vurmaq olmaz və onun qorunması üçün müəyyən tədbirlər görülməlidir. Bu dəyişiklik şərait yaradır ki, Masazır gölünün xilası üçün tədbir görsünlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Fərəc müəllim. Zahid Oruc.
Z.Oruc.  Təşəkkür edirəm, hörmətli Bahar xanım. Mən bu layihəni çox əhəmiyyətli hesab edirəm. Düşünürəm ki, dövlət xüsusi mühafizə olunan ərazilərin yaradılması, sanitariya-mühafizə zonalarının formalaşması ilə bağlı çox mühüm tədbirlərin hüquqi bazasını formalaşdırır. Hörmətli Valeh müəllimin qeyd elədiyi kimi, artıq bu proses kifayət qədər geniş formada reallaşdırılmaqdadır. Mən buna dair, sadəcə, sonuncu nümunəni göstərmək istərdim.
Taxtakörpü ərazisini bir çoxları görüb. Böyük bir məkan, böyük bir ərazi əhalinin istifadəsindən kənarda qalmışdı. Artıq orada su hövzəsinin yaradılması, elektrik stansiyasının qurulması və onun çevrəsində bəlli zolağın formalaşması həm torpağın insanlara qaytarılmasıdır, həm də onun şoranlaşmasının qarşısının alınmasıdır. Bu, eyni zamanda, Azərbaycanda torpaq qıtlığı probleminin də həll olunmasıdır.
Burada iki məqama yer vermək istərdim. Ölkədə qazlaşma siyasəti dövlətin xüsusi bir proqramı kimi reallaşmaqdadır. Təkcə Bərdə rayonunda 64-dən artıq kənd qazla təmin olunub. Şəhər mərkəzi isə yüz faiz qazlaşdırılıb. Lakin bunu bütün dağ bölgələrimizə doğru aparıb çıxarmalıyıqmı? Mən hesab edirəm ki, hökumətin müvafiq beyin mərkəzləri, onun analitik idarələri, hər hansı proqramın rentabelliyini işləyib hazırlayan dairələr buna baxmalıdırlar. Valeh müəllim bunu qeyd elədi, müxtəlif gursulu çaylar üzərində qurulmuş elektrik stansiyaları bu problemi həll edə bilər. Məsələn, 1000 abonentlik bir kəndə qaz çəkilişi bir milyon manatdan artıq vəsait deməkdir.
Mən bu dövr ərzində bu işlə maraqlanan parlament üzvü kimi gördüklərimi söyləyirəm. Məsələn, Çexiyada qeyd olunan ucqar əyalətlərin qazlaşması siyasətinə deyil, daha ucuz elektrik siyasəti ilə onu ödəmə formasına keçilib. Elə hesab edirəm ki, Azərbaycanda elektrikin vahid bir tarif sistemi bəlkə də gələcəkdə yenidən baxıla biləcək bir siyasət olmalıdır. Burada diferensial yanaşma bu bölgələrin qalxmasına səbəb olardı, onları artıq yükdən azad edərdi. Eyni zamanda, kifayət qədər böyük resursu digər sahələrə yönəltmək mümkün olardı.
Burada dəniz mövzusuna toxunuldu. Mən, açığı, keçən dəfə xüsusi olaraq hər hansı burjuaziyanın mənafeyi kimi bunu nəzərdən keçirib müdafiəçi mövqeyimi söyləməmişəm. Bu dəfə də elə düşünürəm. Parlament üzvləri də görüblər ki, dənizin nəinki 30 metr məsafəsinə, 30 metr içərisinə estakadalar formasında daxil olan və ondan mühüm bir ticarət məkanı kimi istifadə eləyən ölkələr var və bundan da çox böyük fayda götürürlər. Ona görə də “dəniz toxunulmazdır” və sadəcə, “xalq mülkiyyətidir”, “hamının əlindən uzaq saxlansın” kimi bir yanaşmanı mən çox da qəbul eləmirəm. Amma bu heç bir halda o anlama gəlmir ki, dənizi biz müxtəlif qüvvələrin arasında bölüşdürək və deyək ki, yox, bu bəlli bir kastanın sərvətidir, yay dövründə sizin bura daxil olmağa hüququnuz yoxdur.
Hörmətli Bahar xanım, mən bilmirəm, bunu başqa zaman da söyləmək mümkün olardı, amma uyğun müddəa tapmadım, cari məsələlər sırasında da bunu qaldırmağı məqbul görmədim. Bəzən yol kənarında tikdiyimiz divarların gileyini eləyirik. Müxtəlif xarici ölkələrdə bunun da şahidi olmuşuq ki, təhlükəsizlik tədbiri kimi, xüsusilə də nəqliyyat hərəkətinə mane olmamaq üçün bu işi görürlər. Mən bunu çox mənfi bir hadisə kimi qiymətləndirmirəm.
Ancaq yol kənarındakı divarlar nəyin nəticəsidir? Bu son haldır, yekundur, onun akkordudur. Vaxtilə sovetləri çökdürən sistemi qərbdən bu ölkəyə ötürürdülər və bunu necə bizim milli ənənəyə yeritdilər, hələ də öz-özümə fikirləşirəm. Bizim hamımız qonşularımızdan, – bəlkə burada heç bir istisna da yoxdur, – iri divarlarla ayrılırıq. Bu divarlara, məsələn, sadə xalq dili ilə desəm, 10 faiz əraziyə 3500, 4000  manata yaxın vəsait gedir. O daşları Qaradağdan çıxarıb qonşu ilə aramızda Çin səddi kimi çəkməkdəyik. Mən bilmirəm, bura nə qədər daş gedər, ancaq mənə elə gəlir ki, biz insan, vətəndaş olaraq külli miqdarda vəsaiti xərcləyərək qonşularla aramızda sədd çəkməklə məşğul olmuşuq.
Mən Azərbaycanın dövlət başçısının kifayət qədər yenilikçi, kifayət qədər islahatçı bir lider olduğunu bilirəm və çox arzulayıram ki, cənab Prezidentin bu ölkə üzərində bir sərəncamı, fərmanı olsun ki, biz bu divarları sökək. Mən Qərb ölkələrinin bəlkə də 25–30-da olmuşam, çox sadə karkaslar, belə deyək, dəmir konstruksiyalar var. Biz bundan istifadə etsək, hərdən də bir-birimizi görsək dünya dağılarmı? Ona görə mən bu mövzudan bir az istifadə edib bunları dedim. Bahar xanım, təşəkkür edirəm ki, Siz mənə bu şəraiti yaratdınız. Hər halda elə hesab edirəm ki, bu bizim milli bəlamızdır. Bunu ermənilərlə aramıza çəkməli olduğumuz halda, gətirib xalqın içərisinə çıxarmışıq. Bu, sanitar zonası, mühafizə zonası deyil, biz özümüzü qonşulardan, qohumlardan qoruyuruq. Bu da gərəksiz bir yükdür, bu millət bundan azad olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Zahid müəllim. Burada səslənən suallara Valeh müəllim cavab verəcək. Zahid müəllim hər zaman orijinal fikirləri ilə fərqlənmək istəyində olan bir deputatdır. Biz bunu görürük və çox zaman da mən bunu müsbət dəyərləndirirəm.
Bilirsiniz, hər bir xalqın, millətin özünəməxsus ənənələri olur. Bunlar bəzilərini qane edir, bəzilərini etmir. Allahın qismətidir, nədir, bizdə də belə ənənə var. Mən düşünürəm ki, bəlkə də bu hasarların reallıqda olması o qədər əhəmiyyətli və qorxulu deyil, əsas insanların qəlbləri və ürəkləri arasında hasarlar olmasın. Azərbaycan xalqı da özünün taleyini seçərkən, siyasətini müəyyənləşdirərkən, bu siyasəti irəli aparmaq üçün konkret şəxsə münasibət bildirərkən bir qəlbin, bir ürəyin sahibi kimi çıxış edir. Ona görə də hesab edirəm ki, bu məsələlər ötəri, keçəridir. Zamanında, yəqin ki, sizin də arzularınıza cavab olar. Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Çox sağ olun, Bahar xanım. Müzakirə olunan məsələyə aid olmayan suallara cavab vermək istəmirəm, çünki hər zaman tələb edirəm ki, çıxışlar, suallar ancaq müzakirə olunan məsələyə aid olsun. Amma Zahid müəllimin qaldırdığı bir məsələyə – ucqar kəndlərin qazlaşdırılmasına mütləq toxunmaq istəyirəm. Əlbəttə, gözəl bir iş olardı ki, hər bir kəndə qaz çəkilsin. Amma hörmətli deputatlarımızdan dəfələrlə xahiş etdiyim kimi, bu gün də xahiş edirəm, ya özləri, ya da riyaziyyatı bilən bir insanla oturub hesablasınlar ki, ucqar kəndlərə qaz kəmərlərinin çəkilməsi neçəyə başa gəlir.
Yerdən. (Eşidilmir.) 
V.Ələsgərov.  Mən səni tənqid eləmirəm, deyirəm ki, bu məsələ çox vaxt deputatlar tərəfindən qaldırılır. Deputatlardan xahiş edirəm.
Yerdən. (Eşidilmir.) 
V.Ələsgərov. Mənim sözümü niyə kəsirsən ki? Deməli, oturub hesablayaq, görək, ucqar kəndlərin qazlaşdırılması neçəyə başa gəlir? Bir dəfə mən bu məsələ burada qalxanda demişəm ki, gəlin baxaq, görək, kəndlərdə bioqazdan istifadə etmək mümkündürmü? Cavab verirəm, mümkündür. Bu gün Çin Xalq Respublikasında kəndlərdə bir neçə milyon bioqaz qurğusu qurulur. Çox sadə prinsiplə işləyən qurğulardır, hökuməti gözləmədən insanlar özləri bunu həyata keçirirlər. Kəndlərimizdə də nə qədər peyin var, məndən yaxşı bilirsiniz. Kəndlərə gedən deputatlar bunu görürlər. Niyə bunu eləməyək? Dəfələrlə bunu demişəm. Gəlin, bunu dəstəkləyək, imkan yaradaq, müvafiq agentlikdən tələb edək. Yoxsa hər kəndə qaz çəkməyə heç bir ölkənin pulu çatmaz.
Məsələyə aid suallara qayıdıram. Elmira xanımın sualına təklif olunan yeni maddənin 10-1.8-ci yarımbəndində cavab var: “Xüsusi mühafizə olunan təbiət ərazilərinin sanitariya-mühafizə zonalarına daxil edilmiş xüsusi mülkiyyətdə, bələdiyyə mülkiyyətində və (və ya) istifadədə olan əmlakdan servitut hüququ əsasında istifadə edilir”. Bu nə deməkdir? Əgər hər hansı bir mühafizə olunan ərazidə belə bir sanitariya-mühafizə zonası yaradılırsa və o zonaya hər hansı bir şəxsi mülkiyyətdə olan obyekt, nəsə düşürsə, onda tərəflər servitut hüquq əsasında, yəni bir-birinin hüquqlarını məhdudlaşdıraraq razılaşdırılmış şəkildə əməkdaşlıq eləyərək bunu həyata keçirirlər. Əgər mülkiyyət sahibi, ya da vətəndaş bu məhdudiyyətə getməyə hazır deyilsə, ya oranı tərk edə, ya da razılıq əldə edərək müvafiq qiymətə əmlakını satıb oradan çıxa bilər.  Başqa cür bu həll oluna bilməz.
Servitut hüququ 2000 ilə yaxındır ki, mövcuddur. Hüquqşünaslar bəlkə dəqiqləşdirib, 1800 ilə yaxın deyə bilərlər. Bu, məcburiyyətdir, bundan qaçmaq mümkün deyil. Ona görə də bu zolaqda yaşayan, ya da fəaliyyət göstərən insanlar müvafiq qanunlara riayət edərək yaşamalı, fəaliyyət göstərməlidirlər. Cavab burada var. Bu da geniş şəkildə tətbiq olunur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Qanun layihəsini səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.39 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 4-cü bəndindən 15-ci bəndinə qədər olan məsələlər haqqında ölkə Prezidenti cənab İlham Əliyevin bir məktubu ilə daxil olmuş müraciət var ki, orada 12 qanun layihəsində dəyişiklik edilməsi nəzərdə tutulur. Növbəti məsələlərdə məhz bu dəyişikliklər öz əksini tapır. Ona görə də xahiş edirəm, biz bu məsələləri vahid qaydada, birlikdə təqdim edək, sonda isə onları ayrı-ayrılıqda səsə qoyaq. Etiraz etmirsiniz ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  İqtisadi siyasət komitəsinin sədri cənab Ziyad Səmədzadəyə söz verilir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət komitəsinin  sədri.
Hörmətli Bahar xanım, artıq Siz qanun layihələrinin mahiyyəti barədə fikirlərinizi açıqladınız. Azərbaycan Respublikasının Milli Məclisi “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” müvafiq qanunlar qəbul etmişdir. Həmin qanunları əsas tutaraq “Tibbi sığorta haqqında”, “Texniki təhlükəsizlik haqqında”, “Sahibkarlıq fəaliyyəti haqqında”, “Nəqliyyat haqqında”, “Avtomobil yolları haqqında” qanunlara dəyişikliklər edilir. Mən bizim komitənin səlahiyyətinə aid olan qanunları dedim. Bu dəyişikliklər texniki xarakter daşıyır, uyğunlaşdırma məqsədlərinə xidmət edir. Millət vəkillərindən xahiş edərdim ki, bunları nəzərə alıb ayrı-ayrılıqda həmin qanun layihələrinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Əli Hüseynli, bu məsələyə Sizin komitədə də baxılıb. Sözünüz varsa, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Bahar xanım, icazə versəniz, bizim komitədə müzakirə olunmuş 3 məsələni – 7-ci, 10-cu və 12-ci məsələləri birgə məruzə edərdim. 7-ci məsələ “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklər haqqındadır. Bu dəyişiklik də zərf şəklində gələn layihənin içərisindədir və “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Qanunun tətbiqi ilə bağlıdır.
10-cu məsələ – “Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında” Qanuna edilən dəyişiklik “İcbari sığortalar haqqında” Qanunun tətbiqi ilə bağlıdır.
Nəhayət, 12-ci məsələ “Dövlət qulluqçularının icbari sığortası haqqında” Qanuna edilən dəyişiklik haqqındadır. Bu da əvvəl qeyd etdiyim kimi, “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” 2010-cu il tarixli Qanunun tətbiqi ilə bağlıdır. Hesab edirəm ki, bunlar texniki məsələlərdir, mövcud və qüvvədə olan qanunların aidiyyəti qanunlara köçürülməsi, tətbiqi, implementasiyası ilə bağlıdır və qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təşəkkür edirəm, Bahar xanım. Bizim komitədə “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklərə baxılmışdır. Bu dəyişikliklər “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” və “İcbari sığortalar haqqında” qanunlara uyğunlaşdırma məqsədi ilə təklif edilibdir.
Gördüyünüz kimi, 23-cü maddənin 3-cü hissəsinin 3.3-cü bəndi ləğv edilib. Bu nədir? Ətraf mühitin mühafizəsi sahəsində ekoloji proqramların və tədbirlərin maliyyələşdirilməsi bu maddədə göstərildiyi kimi müxtəlif mənbələr hesabına həyata keçirilir. Bu mənbələrdən biri “ekoloji sığortanın vəsaiti hesabı”dır. Bu yarımbənd çıxarılır. Çünki 26-cı maddənin yeni redaksiyasında ekoloji ətraf mühitin mühafizəsi sahəsində sığorta məsələləri bayaq adlarını çəkdiyim qanunlara uyğunlaşdırılaraq öz əksini tapıb. Həm ətraf mühitin qorunması ilə sığortalanma, həm də əmlak sahiblərinin mülki məsuliyyətinin sığortalanması və sair.
Nəzarəti həyata keçirən şəxslərin müdafiəsi 74-cü maddədə öz əksini tapıbdır və vaxtınızı almaq istəmirəm. Bayaq dediyim kimi, təklif edilən dəyişikliklər bundan öncə qəbul etdiyimiz 2 qanunun tətbiqi ilə əlaqədardır, uyğunlaşdırma xarakteri daşıyır. Sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, buyurun.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət komitəsinin sədri.
Sağ olun, Bahar xanım. Bizim komitədə iki məsələ müzakirə olunub. 4-cü, bir də 13-cü məsələ. 4-cü məsələ “Tibbi sığorta haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. Bu qanun bizim komitədə hazırlanıb. Biz əsaslı surətdə bu qanunun üzərində işləmişdik. Təəssüf olsun ki, qanun bu günə qədər işləmir. Biz daim bununla bağlı söhbət edirik. Nə qədər paradoks olsa da, ilk düzəlişi də bu işləməyən qanunun üzərində eləyirik. Bu sırf texniki bir uyğunlaşdırmadır. “İcbari sığortalar haqqında” Qanuna uyğun olaraq bu qanunda dəyişiklik edirik.
13-cü məsələ “Bədən tərbiyəsi və idman haqqında” Qanuna edilən dəyişikliklərlə bağlıdır. Bu da yenə texniki bir məsələdir və düşünürəm ki, mübahisə və müzakirə mövzusu deyil. Deputat həmkarlarımı hər iki layihəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Müzakirəyə keçirik. Aytən Mustafayeva.
A.Mustafayeva. Təşəkkür edirəm, Bahar xanım. Burada qaldırılan məsələlər olduqca vacibdir. Birincisi, burada autizmlə bağlı məsələ qaldırıldı, ona dəstək vermək istəyirəm. Autizm xəstəliyinin dövlət tərəfindən qanunvericiliklə qorunan xəstəliklər siyahısına salınmasının tərəfdarıyam və bunu təklif edirəm.
İkincisi, Hadi müəllim indi dedi, çox sağ olsun, bu, həqiqətən, paradoksdur. Biz işləməyən qanunu müzakirə eləyirik. Biz nə etməliyik ki, bu qanun işləsin? Bu, insanların hüquqlarının qorunmaması məsələsidir. İnsanlar xəstəlik qarşısında aciz qalır. Xüsusən Azərbaycanda səhiyyənin bu vəziyyətdə olmasını, korrupsiyanı, göstərilən xidmətlərin aşağı səviyyədə olmasını nəzərə alsaq, biz tibbi sığortanın işləməməsinə şərait yaradırıq və özümüz təkan veririk ki, vətəndaşlarımız müalicə üçün ölkədən çıxsınlar.
Bu məsələni yalnız texniki düzəlişlərlə müzakirə etmək olmaz. Biz millət vəkilləriyik. Biz bunu müzakirə eləməsək, kim edəcək? Mən anlamıram, bu tibbi sığortanın olmaması bizim bəlamızdır. Tibbi sığorta yoxdursa, deməli, pasiyentlərin hüquqlarından danışa bilmərik. Ölkədə ən prioritet məsələ insanların və vətəndaşların hüquqlarının qorunmasıdır. Bu hüquqlardan ən öndə gedəni yaşamaq hüququdur. Yaşamaq hüququ da, təbii ki, sağlamlıqla bağlıdır.
Mən bu məsələ ilə bağlı uzun-uzadı danışmaq istəmirəm. Hesab edirəm ki, biz millət vəkilləri olaraq bu məsələnin həllinə çalışmalıyıq. Bircə onu söyləmək istəyirəm ki, Azərbaycan Respublikasında icbari tibbi sığorta yeni institut olduğundan icbari tibbi sığorta haqlarının ödənilməsi sahəsində müəyyən problemlər yarana bilər. Bu baxımdan, icbari tibbi sığorta haqlarının vaxtında ödənilməsinə nəzarətin həyata keçirilməsi məqsədi ilə respublikamızda icbari tibbi sığorta fondunun yaradılması məqsədəuyğun olardı.
Mənim üçün bu çox ağrılı məsələdir. Onun üçün ki, mən bununla, tibbi hüquqla, səhiyyədə insanların, vətəndaşların hüquqlarının qorunması ilə məşğulam. Təəssüflər olsun ki, bizdə səhiyyə sistemi ilə üzləşən hər bir vətəndaşın hüquqları pozulur, korrupsiya ilə rastlaşır. Bunu hamımız öz aramızda danışırıq, amma açıq deməyə çəkinirik. Nə üçün, bilmirəm.
“Ətraf mühitin mühafizəsi haqqında” Qanuna da mənim bir-iki təklifim var. Vaxtınızı almamaq üçün yalnız təklifləri səsləndirəcəm. Qanunun 78-ci maddəsi yeni redaksiyada təklif olunur. Lakin qanunvericiliyin tənzimlənməsi və hüquq tətbiq etmə səmərəliyi baxımından bu redaksiyanı, fikrimcə, düzgün hesab etmək olmaz. Burada hüquqi məsuliyyət, hüquqi məsuliyyəti müəyyən edən normativ aktların dairəsi konkret göstərilməmiş, yalnız 3 məcəllə – Mülki Məcəllə, İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsi ilə məhdudlaşmışdır. Halbuki ətraf mühitin mühafizəsi qaydalarının pozulmasına görə məsuliyyət tədbirləri digər qanunvericilik aktlarında da müəyyən edilə bilər. Ən azından gələcəkdə bu cür qanunvericilik aktları qəbul oluna bilər.
Təklif olunan redaksiyada intizam məsuliyyəti nəzərə alınır. Bu baxımdan, hesab edirik ki, təklif edilən maddənin aşağıdakı redaksiyada verilməsi daha düzgün olardı: Hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər tərəfindən ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasına görə qanunvericilikdə nəzərdə tutulmuş hallarda və qaydada əmlak, intizam, inzibati və cinayət məsuliyyəti müəyyən edilir.
“Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun 60-cı maddəsinə aşağıdakı məzmunda bəndin əlavə edilməsi təklif olunur: Ətraf mühitin mühafizəsinin elmi əsaslarının yaradılması, ətraf mühitin mühafizəsi üzrə elmi cəhətdən əsaslandırılmış tədbirlərin və təkliflərin hazırlanması, ətraf mühitin mühafizəsi sahəsində müasir, qabaqcıl və səmərəli texnologiyaların tətbiq olunması, təsərrüfat və digər fəaliyyətin ətraf mühitə mənfi təsiri nəticələrində qiymətləndirilməsi, təbii resurslardan səmərəli istifadənin təmin olunması məqsədi ilə ətraf mühitin mühafizəsi sahəsində elmi tədqiqatların aparılması.
“Ətraf mühitin mühafizəsi haqqında” Qanunun 81-ci maddəsinin aşağıdakı redaksiyada verilməsi məqsədəmüvafiq olardı: Azərbaycan Respublikası beynəlxalq hüququn hamılıqla qəbul olunmuş normalarını, ətraf mühitin mühafizəsi sahəsində Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq müqavilələrin tələblərini, habelə ekoloji təhlükəsizliyin üstünlüyünün göstərilməsi prinsiplərini rəhbər tutaraq ətraf mühitin mühafizəsi sahəsində beynəlxalq əməkdaşlığı həyata keçirir. Təşəkkür edirəm. Təkliflərimi yazılı şəkildə sizə təqdim edəcəyəm.
Sədrlik edən. Sağ olun, Aytən xanım. Siz maraqlı fikirlər səsləndirdiniz. Unutmadan mən də bir məsələyə münasibətimi bildirmək istərdim. Siz çağırış elədiniz ki, biz millət vəkilləri olaraq “Tibbi sığorta haqqında” Qanunun işləməsi üçün tədbirlər görməliyik. Mənə elə gəlir ki, biz əsas işimizi görmüşük, qanunu qəbul etmişik. O qanunun reallaşdırılması qalır. Bu günə qədər bu institut tam formalaşmadığına görə, təbii ki, bu qanunlar uyğunlaşdırılarkən texniki dəyişikliklər edilməlidir və mən burada təəccüblü bir şey görmürəm.
O ki qaldı bu qanunun işləməməsindən hüquqların yoxluğu barədə söylənilən fikirlərə, mən bununla bir az razı deyiləm. Hesab edirəm, bir az şişirdilmiş şəkildə deyilmiş fikirdir. Mən başqalarının çıxışlarını şərh etməyə meylli adam deyiləm, bu mənim öz mövqeyimdir. Tibbi sığorta təkcə hüquq vermir, həm də öhdəlik, məsuliyyət müəyyənləşdirir.
Bilirik ki, tibbi sığortanın tətbiq edildiyi qabaqcıl ölkələrdə bu xidmətdə qarşılıqlı tərəf kimi iştirak edənlər bu hüquqdan tam mənada yararlana bilirlər. İştirak etməyənlər isə, təbii ki, bu xidmətdən kənarda qalırlar. Amma Azərbaycanda “Tibbi sığorta haqqında” Qanun qəbul edilənədək və ediləndən sonra heç kəs tam şəkildə söyləyə bilməz ki, Azərbaycan vətəndaşlarının tibbi hüquqları pozulur və ümumiyyətlə, hər bir vətəndaşın hüquqları pozulur. Bu müəssisələrə müraciət edən hər bir vətəndaş müəyyən çətinliklə üzləşə bilər. Mən bununla razıyam. Onu narazı salan məqamlar ola bilər, amma bütövlükdə bunun korrupsiya və ya başqa daha ciddi terminlərlə adlandırılmasını düzgün hesab etmirəm. Çünki korrupsiya kifayət qədər ciddi bir məfhumdur və  müəyyən təbəqəni və müəyyən fəaliyyəti əhatə edir. Bunun hər bir vətəndaşla əlaqəsi yoxdur.
Bəli, onunla razıyam ki, biz elə tədbirlər görməli, hökumətlə işimizi elə qurmalıyıq ki, bu qanun real həyatda öz icrasını tapsın. Tibbi sığortanın tətbiq olunması işi elə həyata keçirilməlidir ki, biz bu gün Azərbaycan vətəndaşlarının tibb sahəsindəki hüquqlarının daha yaxşı ödənilməsindən, reallaşdırılmasından danışa bilək. Siyavuş müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Buyurun.
S.Novruzov. Təşəkkür edirəm, Bahar xanım. Mənim təklifim var. Təklif edirəm, fasiləsiz işləyək, bu məsələləri bitirək.
Sədrlik edən. Fasiləsiz  işləməyə etirazınız yoxdur ki?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Onda Qənirə xanım, buyurun.
Q.Paşayeva. Çox sağ olun, Bahar xanım. Çox hörmətli Valeh müəllim vurğuladı ki, çıxışlar, əsasən, qanunvericiliyə edilən dəyişikliklər və düzəlişlərlə bağlı olmalıdır. Mən bu fikri dəstəkləyirəm. Təbii ki, belə olmalıdır. Amma söhbət ondan gedir ki, bəzi qanunların həyata keçməməsi seçildiyimiz bölgələrdə elə problemlər yaradır ki, onları mütləq parlamentdə səsləndirməli oluruq. Yəni o insanların səsini, düşüncələrini səsləndirməliyik.
“Tibbi sığorta haqqında” Qanun nadir bir qanunlardandır ki, 15 ildir, fəaliyyətə keçmir. Düzdür, biz bu gün buna texniki düzəliş elədik, amma hələ bu qanun işləmir. Bu qanunun gələn ildən işləməsi nəzərdə tutulub. Təbii ki, bu çox önəmlidir, çünki şəxsən mən o millət vəkillərindənəm ki, kənd bölgələrini təmsil edirəm. Bu qanunun əsas tərəflərindən biri ondan ibarətdir ki, burada işsiz, sosial yardım alan insanların icbari tibbi sığortasından söhbət gedir. Elə insanlarımız var ki, tibbi yardım əldə etdikləri zaman çox ciddi problemlərlə üzləşirlər. Mən iki gündür, rayondan gəlmişəm. 17–18 xəstənin təcili əməliyyat olunması və onların üzləşdiyi problemlər var. Təbii ki, bunlar ciddi məsələlərdir. Ona görə də tibbi sığortanın çox qısa zamanda tətbiqi lazımdır ki, insanların bu istiqamətdə hüquqlarının müdafiəsinə kömək edək.
Eyni zamanda, təbii ki, bu ciddi səhiyyə islahatlarına da kömək edəcək və həkimlərin də, pasiyentin də hüquqlarını müdafiə edəcək. Çünki tibbi sığorta olmadan nə qanun qəbul edirsiniz edin, bu sahədə ciddi bir addımlar atmaq mümkünsüzdür. Ona görə də biz müvafiq orqanları çağırırıq ki, tibbi sığorta haqqında qanunvericilik, maliyyə, siyasi iradə – hər şey var, bunun həyata keçirilməsi vacibdir. Bu sahədəki problemləri, şikayətləri ciddi şəkildə ortadan qaldıracaq məsələlərdən biri elə tibbi sığortanın qısa zamanda tətbiq edilməsidir.
Bir məsələyə görə mən Oqtay müəllimə, parlamentin rəhbərliyinə təşəkkür edirəm. Bu məsələdə həssaslıq göstərildi, söhbət autizm xəstələrindən gedir. Aprelin 2-si “Beynəlxalq autizm günü” idi. Bu ay autizm ayıdır. Autizmlə bağlı təşkilatlar millət vəkillərinə müraciət göndərmişdilər, bizimlə də görüşdülər. Biz dağınıq skleroz və sair məsələlərə baxdıq, sənəd qəbul olundu. Onlar xahiş edirlər ki, bu məsələyə də baxılsın. Mən Sosial siyasət komitəsinin rəhbərliyindən xahiş edirəm ki, bu həssas qanunun müzakirəsinə bu təşkilatlar da dəvət edilsinlər, çünki müəyyən məsələlər var ki, gərək onlar orada öz əksini tapsın.
Bu gün bu sahədə vəziyyət ağırdır. Sənədlərdə autizm xəstəliyinin adı çıxmadığı üçün belə xəstəni xaricə aparanda o sənədlərə əsasən xarici mütəxəssislər bizim tibb işçilərinə çox neqativ şəkildə yanaşırlar ki, başqa bir xəstəlik adı altında əlillik və sair yazırlar. Mən bunları xırdalamaq istəmirəm, amma bu, ümumiyyətlə, ölkənin tibb sistemində çox vacib bir məsələdir. Ona görə də o müzakirələrin qısa zamanda aparılması çox vacibdir, çünki autizim kimi çox ağır xəstəliklə mübarizə aparmaqda ailələr çox ciddi şəkildə çətinlik çəkirlər. Dövlətin yardımlarına ehtiyac var. Ona görə mən onların xahişini nəzərinizə çatdırıram və mümkün olarsa, tez bir zamanda onları da dəvət edərək bu müzakirələri aparaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Fuad Muradov.
F.Muradov. Çox sağ olun, Bahar xanım, təşəkkür edirəm. Azərbaycanda tibb sahəsində çox ciddi islahatlar aparılır. Son illər ərzində həyata keçirilən islahatların əsas istiqaməti infrastrukturun yaxşılaşdırılması olub. Ona görə mən o fikirlə razı deyiləm ki, islahatlar getmir. Çox sürətlə islahatlar gedir. Eyni zamanda, digər ölkələrdə həyata keçirilən islahatlara baxsaq, görərik ki, Azərbaycanda bu istiqamətdə həyata keçirilən islahatlarda dövlətin iradəsi ortalıqdadır. Biz büdcəyə nəzər salsaq görərik ki, dövlət tərəfindən bu istiqamətdə çoxlu işlər görülüb.
Tibbi sığortanın həyata keçirilməsində yük təkcə dövlətin çiynində deyil. Bahar xanım çox düzgün dedi, biz Milli Məclis olaraq qanunvericilik istiqamətində öz işlərimizi görmüşük. Amma burada digər tərəflər, sığorta şirkətləri, banklar və sair var. Burada dövlətin məsuliyyəti, təbii ki, əsasdır. Ona görə mən təklif edərdim ki, Milli Məclisin rəhbərliyi müvafiq dövlət qurumuna müraciət etsin, bu istiqamətdə müzakirələr keçirilsin. Yəni bu elə bir məsələdir ki, biz bu sahədə mükəmməl qanunvericilik qəbul etsək də, müəyyən çatışmazlıqlar olacaq. Mən düşünürəm ki, Hadi müəllim də bu işdə köməklik göstərər, müvafiq qurumları Milli Məclisə dəvət edərik. İndi biz cəmiyyətdə bu problemlərin nə ilə bağlı olduğunu eşidirik. Mən çox dərinə getmək istəmirəm, amma bəzi sığorta şirkətləri, banklar var, bu istiqamətdə iş görülə bilər. Yəni bu elə bir məsələ deyil ki, biz bunu həyata keçirə bilməyək. Ölkə başçısının siyasi iradəsi ortalıqdadır.
Tibbi sığorta çox güclü dövlətlərə məxsus olan bir proqramdır. Yəni güclü dövlət olmasa, heç vaxt tibbi sığorta həyata keçirə bilməz. Bir çox ölkələr hələ də bunu edə bilməyiblər. Bizdə isə siyasi iradə, digər imkanlar var, sadəcə olaraq, Milli Məclis öz boynuna bu məsuliyyəti götürüb xüsusi bir dinləmə, yaxud da müzakirə həyata keçirə bilər.
Digər bir məsələ xüsusi xəstəliklərlə bağlıdır. Bizim, səhv etmirəmsə, xüsusi bir qurumumuz var ki, o Azərbaycanda müalicəsi olmayan ağır xəstələrin xaricə göndərilməsi ilə məşğuldur. Amma müraciətlər çox olduğu üçün onlar da şikayətlənirlər ki, bütün müraciətlərə baxa bilmirlər. Yəqin, tibbi sığorta tətbiq olunanda bunun da həllinə nail ola biləcəyik.
Sonuncu bir məqamı vurğulamaq istəyirəm. Bayaq burada Masazır gölü ilə bağlı danışıldı. Biz də, yəqin ki, komitəmizdə bunu müzakirə edərik. Mən hər gün oradan keçirəm, həqiqətən də, orada ciddi problemlər mövcuddur. Biz Masazır gölü ilə bağlı yəqin ki, bir sorğu göndərməliyik. Mən özüm müvafiq dövlət qurumuna sorğu göndərəcəyəm ki, orada nə baş verir? Yəni əvvəl orada işlər yaxşı gedirdi, sonra müəyyən problemlər oldu. Düşünürəm ki, bu gün orada çox qeyri-sağlam bir mühit yaranıb. Bununla da bağlı istərdim ki, müəyyən addımlar atılsın. Təşəkkür edirəm, Bahar xanım.
Sədrlik edən. Sağ olun, Fuad müəllim. Qeyd olunduğu kimi, 12 qanun layihəsinə dəyişikliklər gəlib. Amma göründüyü kimi, bir-ikisi haqqında çox ciddi fikirlər oldu. Bütün komitə sədrlərinə müraciət edirəm, kimin söylənilən fikirlərlə bağlı açıqlaması varsa, şərait yarada bilərik. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Aytən xanım bizə, ya da Milli Məclisin Aparatına təkliflərini yazılı şəkildə təqdim edər, baxarıq. Ancaq bir məsələdə mən bir az təəccübləndim. 78-ci maddənin köhnə mətnində yazılmışdı ki, ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin pozulmasında təqsirkar olan hüquqi və fiziki şəxslər, o cümlədən vəzifəli şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun  məsuliyyət daşıyırlar. Yeni mətndə “Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun” yox, dəqiq və konkret yazılıb ki, Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş hallarda. Çox dəqiq, çox dürüst şəkildə bu dəyişiklik edilibdir. Ona görə də bu hissəni başa düşmədim, yazılı şəkildə təqdim edərsiniz, biz də cavab verərik.
Bir də, Qənirə xanım, mən burada deputatın istədiyi məsələni danışmaq hüququna toxunmadım. Mən dedim ki, təqdim etdiyim məsələyə aidiyyəti olmayan suallara cavab vermək istəmirəm və bunun tərəfdarı deyiləm. Çünki hər bir komitə sədrinin, ya da komitə üzvünün məqsədi məsələni təqdim edəndə onu izah etmək, bununla əlaqədar suallara cavab verməkdir. Amma mən bəyənmirəm ki, misal üçün, müzakirə olunan məsələ kənarda qalır, deputatlar başqa məsələdən danışırlar. O onların öz haqqıdır. Mən heç kimin danışmaq, fikrini söyləmək hüququnu məhdudlaşdırmıram, danışa bilərsiniz. Mən öz mövqeyimi bildirdim və dedim ki, təqdim etdiyim məsələyə aid olmayan suallara cavab vermək, vaxtınızı almaq istəmirəm. Çox sağ olun, Allah köməyiniz olsun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Əli müəllim, Ziyad müəllim, sözünüz yoxdur?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Hadi müəllim, əsas suallar sizə ünvanlanıb. Buyurun, qısa şəkildə cavablandırın.
H.Rəcəbli. Bahar xanım, minnətdaram. Səhiyyədə görülən işlər göz önündədir. Səhiyyəmiz inkişaf edir. Möhtərəm Prezidentimizin göstərişi ilə bu gün ölkənin hər yerində dispanserizasiya aparılır. Bu da səhiyyəyə olan münasibətin göstəricisidir. Maddi-texniki baza gücləndirilir.
Əlbəttə, hər sahədə olduğu kimi, burada da bir sıra nöqsanlar var. Tibbi sığorta, Bahar xanım, həqiqətən, ağır sahədir. Yəni buna keçmək ağırdır, çətindir. Amma mən keçən dəfə hökumətin iclasında dedim, hansı işimiz çətin deyil ki? Buna keçmək olar. Bizi nə sevindirir? Çox hörmətli sabiq deputat həmkarımız hörmətli Əli Əhmədov bu gün Baş nazirin müavinidir, bilavasitə bu sahə ilə məşğuldur. Mən məlumat üçün demək istəyirəm ki, tibbi sığorta ilə çox ciddi məşğul olur, işçi qrupu yaradılıb. Bu məsələnin həyata keçməsi üçün ona yardımçı olmağa həmişə hazırıq. Mən sizi əmin etmək istəyirəm ki, tibbi sığorta Əli müəllimin rəhbərliyi ilə gələn il mütləq həyata vəsiqə alacaq. Sağ olun.
Sədrlik edən. Sağ olun, Hadi müəllim. Məsələləri səsə qoyuruq. Xahiş edirəm, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, gündəliyin beşinci məsələsinə – “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Gündəliyin altıncı məsələsinə – “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.11 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Nəqliyyat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul olundu, sağ olun.
Xahiş edirəm, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.12 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Məhkəmə, hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari, şəxsi sığortası haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Ətraf mühitin mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi.
“Dövlət qulluqçularının icbarı sığortası haqqında” Qanuna edilən dəyişiklikləri səsə qoyuram. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin on dördüncü məsələsi, “Avtomobil yolları haqqında” Azərbaycan Respublikasının  Qanununa edilən dəyişikliklər səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, on beşinci məsələyə – “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi.
Gündəliyin on altıncı məsələsi “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqındadır. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Bahar xanım, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 24 iyun tarixli fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi haqqında Əsasnamə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin  2004-cü il 6 noyabr tarixli qərarı ilə təsdiq edilmiş Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın formasında tərtibi qaydasına müvafiq olaraq hazırlanmış daşınmaz əmlaka hüquqların qeydiyyatı ilə bağlı qeydiyyat orqanına təqdim edilən, habelə qeydiyyat orqanı tərəfindən təqdim edilən sənədlərin vahid formasının, bununla bağlı prosedurların müəyyən edilməsini nəzərdə tutur. Millət vəkillərindən bu qanuna edilən dəyişikliklərin nəzərə alınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsi ilə bağlı müəyyən fikri, təklifi olan varmı?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Təklif var ki, qanun layihəsini səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin on yeddinci məsələsi “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Regional məsələlər komitəsinin üzvü Azər Badamov, buyurun.
A.Badamov, Milli Məclisin Regional məsələlər komitəsinin üzvü.
Təşəkkür edirəm, hörmətli Bahar xanım. Hörmətli deputatlar, Milli Məclisin 2013-cü il noyabrın 22-də keçirilən iclasında siz dəyərli həmkarlarımızın dəstəyi ilə Xaçmaz rayonu Bədəli kənd inzibati ərazi dairəsi tərkibindəki Xaraxoba kəndinin adının “Palıdlı” ilə əvəz edilməsi ilə əlaqədar qanun qəbul etmişdik. Bu gün sizlərə təqdim edəcəyim qanun layihəsi də “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nın “Xaçmaz rayonu” bölməsinin 27.6-cı sırasının “Əhatə etdiyi ərazi vahidləri” sütununda “Xaraxoba” sözünün “Palıdlı” sözü ilə əvəz edilməsi ilə əlaqədardır. Məsələ Regional siyasət komitəsində müzakirə olunaraq Milli Məclisin plenar iclasına tövsiyə edilmişdir. Dəyərli həmkarlar, xahiş edirəm, təqdim etdiyim məsələyə münasibət bildirəsiniz. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bir fikri olan yoxdursa, xahiş edirəm, səsə qoyaq. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Bu qanun layihəsi də qəbul olundu. Bununla Milli Məclisin bugünkü iclasının gündəliyindəki məsələlərin müzakirəsi bitmiş sayılır. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi