2016-ci il 23 fevral tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ


PROTOKOLU № 10

Milli Məclisin iclas salonu.
23 fevral 2016-cı il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir. 

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 111
Yetərsay 83 

İclasa dəvət olunmuşlar: 

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Elman Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.
5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə.
6. Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş). 

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Vüqar  Gülməmmədov, Siyavuş Novruzov, Əli Məsimli, Fərəc Quliyev, Fəzail Ağamalı, Vahid Əhmədov, Musa Quliyev, Ziyafət Əsgərov, Xanhüseyn Kazımlı, Eldar İbrahimov, Fazil Mustafa, Jalə Əliyeva, Elçin Quliyev, Qüdrət Həsənquliyev, Fuad Muradov, Əflatun Amaşov 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi 

2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Ziyafət Əsgərov, Elman Mehdiyev, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Sədaqət Vəliyeva 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi 

3. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi 

4. Z.A.Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Əli Hüseynli 

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.45 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi 

5. Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV 

MİLLİ MƏCLİSİN İCLASI

 

23 fevral  2016-cı il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir 

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək. 

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 111
Yetərsay      83 
Çox sağ olun. Yetərsay var, iclasımıza başlaya bilərik. 
Bildiyiniz kimi, bugünkü gündəlikdə 6 məsələ var idi. Birinci məsələ “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi, ikinci məsələ “Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Gündəlikdə digər 4 məsələ də var. 
Demək istəyirəm ki, Elm haqqında Azərbaycan Respublikası qanununun layihəsi çox mükəmməl hazırlanıb. Büdcənin dəyişilməsi ilə əlaqədar olaraq bəzi dəqiqləşdirmələr aparırıq və ona görə bu qanun layihəsinin müzakirəsini sonrakı iclasımıza saxlayırıq.
Mən hesab edirəm ki, cari məsələlərin müzakirəsinə ehtiyac yoxdur, birbaşa iclasın gündəliyinə keçmək lazımdır. Ziyad Səmədzadəyə söz verilir. Buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq XXI əsrin 15 ilini arxada qoymuşuq. Azərbaycan son 15 ildə böyük inkişaf yolu keçmişdir. Bu barədə sizin kifayət qədər məlumatınız var. Amma mən qısaca demək istəyirəm ki, XXI əsrin ötən 15 ili ərzində Azərbaycan dövləti iqtisadi cəhətdən güclənmiş, regionda lider dövlətə çevrilmişdir. 
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyən edilmiş inkişaf strategiyasının müvəffəqiyyətlə həyata keçirilməsi nəticəsində Azərbaycan dinamik inkişaf edən həyat göstəricilərinin keyfiyyətini ildənilə yaxşılaşdıran bir dövlətə çevrilmişdir. Heç şübhəsiz ki, bütün bu nailiyyətlərdə aparılan iqtisadi siyasətin uğurları dayanır. Düşünülmüş iqtisadi siyasət, konkret hədəflərlə nəticələnən sosial-iqtisadi göstəricilər Azərbaycan iqtisadiyyatının inkişafını yeni bir mərhələyə qaldırmışdır. 
Eyni zamanda, Azərbaycan dünyanın bir parçasıdır. Qloballaşan dünya iqtisadiyyatında baş verən proseslər Azərbaycan iqtisadiyyatına bu və ya digər dərəcədə təsir edir. Bu haqda dövlət başçısı İlham Əliyev ən mühüm beynəlxalq təşkilatlarda – Davosda, Londonda, Münhendə dəfələrlə danışmış, dünya iqtisadiyyatında baş verən sarsıntılara öz münasibətini bildirmiş və bu siyasətin Azərbaycana təsirinin hədəflərini açıqlamışdır. 
2016-cı ilin dəqiqləşdirilmiş dövlət büdcəsinin Milli Məclisə təqdim olunmasında əsas səbəb ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatında hələ də mühüm rol oynayan neft yanacaq kompleksi, neft gəlirləri aşağı düşməyə meyl etmişdir. Dünyada neftin qiyməti dəfələrlə aşağı düşmüş və bu da Azərbaycanın dövlət büdcəsinə təsir etmişdir. 
Mən rəqəmləri sadalayıb vaxtınızı almaq istəmirəm. Bilirsiniz ki, neftin orta illik ixrac qiyməti 110 dollar da, 100-də, 90-da, 80-də olub. Lakin ən aşağı qiymət 2015-ci ilin sonları və 2016-cı ilin ilk 2 ayı ərzində olmuşdur. Bütün bunlar Azərbaycanın tədiyyə balansında müəyyən gərginliklər yaradır. Azərbaycanın ildən-ilə müsbət saldo ilə nəticələnən tədiyyə balansının, valyuta ehtiyatlarımızın azalması müşahidə olunur. Bu da ondan ibarətdir ki, manatın sabitliyini qorumaq üçün o, intervensiya olunurdu və heç şübhəsiz ki, bu uzun illər davam edə bilməzdi. 
Manatın devalvasiyası, eyni zamanda, dünya bazarında neftin qiymətinin aşağı düşməsi səbəb oldu ki, dövlət büdcəsinə yenidən baxılsın. Azərbaycan dövlətinin başçısı ilə hökumətin iqtisadi strukturları, ilk növbədə, Maliyyə Nazirliyi çox məhsuldar, səmərəli iş aparmışdır. Bu gün sizin diqqətinizə çatdırılan büdcə Azərbaycanın imkanlarının möhkəmlənməsi istiqamətində aparılan işlərin vacibliyini bir daha sübut edir. 
Qanun layihəsi maliyyə naziri hörmətli Samir müəllimin və digər hökumət strukturlarının üzvlərinin iştirakı ilə komitəmizdə ətraflı müzakirə olundu. Oqtay müəllim, səmimiyyətlə bildirmək istəyirəm ki, komitədə çox işgüzar, sağlam bir müzakirə oldu. Yeni situasiyada iqtisadi siyasətin hədəflərinin təkmilləşdirilməsi, iqtisadi strukturların fəaliyyətinin daha da canlandırılması, büdcə vəsaitlərindən daha səmərəli istifadə olunması, regionlarda sosial-iqtisadi inkişafın sürətinin artırılması ilə əlaqədar çox dəyərli təkliflər səsləndi ki, bunlara da hökumət üzvləri müsbət münasibət bildirdilər.
“Büdcə sistemi haqqında” Qanunun müvafiq maddələrində bu dəyişikliyin edilməsi zərurəti vurğulanıb, mən bunlarla sizin vaxtınızı almaq istəmirəm. Hədəflər barədə hörmətli Samir müəllim ətraflı məlumat verəcək. Mən ancaq onu deyə bilərəm ki, büdcə gəlirlərinin artırılması nəzərdə tutulub. Baxmayaraq ki, bu prosesdə suallar da meydana çıxa bilər, ancaq aparılan araşdırmalar və hökumət strukturlarının imkanların axtarılması istiqamətində gördüyü işlər öz müsbət nəticəsini verir. Ən başlıcası ondan ibarətdir ki, büdcənin gəlirləri, əsasən, 3 mənbə hesabına formalaşır. 
Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin xətti ilə formalaşan gəlirlər. Məmnuniyyətlə bildirmək lazımdır ki, son 15 ildə büdcə gəlirlərinin formalaşmasında heç bir uyğunsuzluq, yəni proqnozların yerinə yetirilməməsi müşahidə olunmamışdır. Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər Dövlət Neft Fondunun transfertini çıxsaq, 80–83 faiz təşkil edir. Eləcə də Dövlət Gömrük Komitəsi xətti ilə yığılan daxilolmalar da əhəmiyyətli dərəcədə artır. 
Dəqiqləşdirilmiş proqnoza nisbətən vergi daxilolmaları çoxdur, mən bu rəqəmlərlə sizi yormaq istəmirəm. Bu da onunla əlaqədardır ki, cənab Prezidentin tapşırığı ilə əlaqədar olaraq son vaxtlar Vergilər Nazirliyinin xətti ilə çox ciddi islahatlar aparılır. Elektron hökumət, vergi inzibatçılığının möhkəmləndirilməsi, vergi mədəniyyətinin yüksəldilməsi, vergi orqanları ilə sahibkarlar arasında əməkdaşlığın genişləndirilməsi dövlət büdcəsində vergi daxilolmalarının proqnozlarının müntəzəm yerinə yetirilməsini təmin etmişdir. Neft gəlirlərinin azaldığı şəraitdə bütövlükdə vergilər, vergi daxilolmaları artır ki, bu da qeyri-neft sektorunun inkişafı, sahibkarlığa dəstəyin artırılması, şəffaflığın gücləndirilməsi istiqamətində görülən işlərlə əlaqədardır.
Siz bilirsiniz ki, dövlət başçısının tapşırığı həm Vergilər Nazirliyində, həm də Dövlət Gömrük Komitəsində sahibkarlarla görüşlər keçirilmiş, sahibkarların fikirləri, qaldırdığı məsələlər dinlənmiş və onunla əlaqədar həm vergi, həm də gömrük sistemində müsbət dəyişikliklər əldə edilmişdir. Bu proses qarşıdakı dövrdə də davam edəcəkdir. Yəni, vergi daxilolmalarının və gömrük rüsumlarının artması nəticəsində dövlət büdcəsinin gəlirlərinin artması müşahidə olunur. 
Xərclərin strukturuna baxanda yenə də burada onların artması özünü göstərir, çünki Azərbaycan dövlətinin siyasətinin ana xətti sosialyönümlü bazar iqtisadiyyatı qurmaqdır. Dövlət büdcəsində sosial xərclərin dinamik artması müşahidə olunur. Mən yenə deyirəm, rəqəmlər sizdə var, mən bunlarla sizi yormaq istəmirəm. Yəni bütövlükdə sosial sahənin bütün istiqamətlərində xərclərin artması müşayiət olunur. 
Manatın devalvasiyasından sonra cənab Prezident  bir neçə ciddi fərman imzaladı ki, bu da manatın devalvasiyasından insanlara dəyən zərərin minimuma endirilməsinə imkan yaratdı. Bu da büdcədə təxminən 600 milyon manatdan çox vəsait təşkil edir. Dövlət büdcəsinin gəlirlərinin formalaşması istiqamətindəki bu müsbət meylər 2016-cı ilin dəqiqləşdirilmiş büdcəsində öz əksini tapmışdır. Hamımız millət vəkili kimi regionlarda oluruq, seçicilərlə görüşürük və bilirik ki, büdcə gəlirlərinin artırılması istiqamətində gələcəkdə görüləsi nə qədər işlərimiz var. Regionların sosialiqtisadi inkişafına həsr edilmiş tədbirdə cənab Prezident regionların qarşısında investisiyaların artırılması, yeni iş yerlərinin yaradılması, məhsul istehsalının, ölkənin ixrac potensialının daha da gücləndirilməsi kimi konkret vəzifələr qoymuşdur. Bu istiqamətdə cənab Prezident artıq müəyyən fərmanlar, sərəncamlar imzalayıb. 
Ölkədə iqtisadi islahatların yeni mərhələsi başlanıb. Yeni iqtisadi siyasətə adekvat olaraq biz sənayenin strukturunu təkmilləşdirməliyik, qeyri-neft sektorunda daxili idxalı azaldan sənaye sahələrinin inkişafına diqqəti artırmalıyıq. Mən bu barədə  ona görə danışıram ki, bu gün bir çox müəssisələrimiz ixracyönümlü məhsullar istehsal edirlər. Bu yaxınlarda cənab Prezident “Mətanət A” şirkətinin istifadəyə verdiyi zavodun açılışında çıxış etdi. “Embawood”-un mebel istehsalı, Qaradağ metal konstruksiyaları zavodu və sair göstərir ki, Azərbaycanda iri yerli istehsalı inkişaf etdirmək üçün kifayət qədər imkanlar var. Amma hamımız bilirik ki, sənayemizin strukturu, emal sənayesinin inkişafı ilə əlaqədar bizdə hələ çox işlər görülməlidir. 
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, aqrar sektorda yeni mərhələ başlayır. Aqrar sektora dəstək artır, ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində böyük işlər görülür. Yəqin ki, indi Eldar müəllim danışacaq, bu yaxınlarda Salyanda 5–6 kənd birləşib böyük bir kooperativ yaradıblar. Torpaqlardan, texnikadan səmərəli istifadə etmək, məhsuldarlığı artırmaq, əkinçilik mədəniyyətini yüksəltmək istiqamətində ən cəsarətli bir addım atılıb. Hamımızın arzusudur ki, belə təsərrüfatlar könüllü olaraq yaradılsın və Azərbaycanda kənd təsərrüfatı istehsalının inkişafında yeni mərhələnin əsası qoyulsun. Artıq biz sevinclə bu məsələ barədə danışa bilərik. Eləcə də deyə bilərik ki, “Kooperasiya haqqında” Qanun da məhz bu məqsədlərə xidmət edir. 
Mən istərdim ki, büdcənin xərcləri barədə danışım. Büdcə xərcləri artıb, rəqəmləri hörmətli Samir müəllim deyəcək. Səbəblər onunla əlaqədardır ki, sosialyönümlü xərclərin artması büdcənin xərc siyasətində ən vacib məsələlərdən biridir. Düzdür, əsaslı xərclərlə cari xərclər arasında nisbət əvvəlki illərə nisbətən xeyli dəyişib. Yəni cari xərclərin payına 65 faiz düşüb. Son illərdə biz buna rast gəlməmişdik. Amma bu da müvəqqəti haldır, gələcəkdə əsaslı xərclərin daha da artırılması imkanları genişlənidiriləcək, çünki biz borc almırıq, həddən artıq borcalma siyasətinə getmirik. Daxili investisiyalarla bərabər xarici investisiyaları cəlb etməliyik, onun fəallığını artırmalıyıq. Ona görə də cari xərclərin strukturunda da müdafiə olunan xərclərdə bir manat mənfi meyllər müşahidə olunmur. 
Ölkənin iqtisadi siyasətinin fəallığını, keyfiyyətini xarakterizə edən göstəricilərdən biri ondan ibarətdir ki, büdcədə müdafiə olunan xərclərin dinamikasında nələr baş verir. Müdafiə olunan xərclərin dinamikasında müsbət meyllər var. Bu, böyük məsələdir. Təhsilə, səhiyyəyə, elmə, mədəniyyətə ayrılan xərclər qlobal dünyada baş verən böhran şəraitində artmağa meyl edir ki, bu da müsbət hal kimi qiymətləndirilir. Eyni zamanda, cənab Prezident də, hökumət də tapşırır ki, bu xərclərdən daha səmərəli istifadə olunsun. 
Millət vəkilləri komitənin iclasında xüsusi olaraq vurğuladılar ki, ayrılan vəsaitlərdən, xüsusi ilə də kənd təsərrüfatına, meliorasiyaya, qeyri-istehsal sahələrinə ayrılan vəsaitdən səmərəli istifadə olunması ön plana çəkilməlidir. Biz bu qədər vəsait ayırırıq, bunun nəticəsi nədən ibarətdir? Məhsuldarlıq artırmı? Əkin sahələrində intensiv metodlardan istifadə edilirmi və sair. 
Dünən Aqrar komitənin sədri hörmətli Eldar müəllimlə birlikdə Heydər müəllimlə xeyli söhbətləşdik. Bu söhbətin əsnasında çıxarılan nəticə ondan ibarət oldu ki, dövlət başçısının tapşırıqları aqrar sektorda da həyata keçirilir. Biz emal müəssisələri yaratmalıyıq. Biz büdcənin gəlirlərini o vaxt doldura bilərik ki, bizim xammal resurslarımızdan daha səmərəli istifadə olunsun. 
Quba–Xaçmaz zonasını götürək. Quba–Xaçmaz SSRİ kimi böyük dövlətin iri konserv sənaye məhsulları zonası sayılırdı. Amma bu gün həmin zonada istehsal edilən məhsulların xüsusi çəkisi çox aşağıdır. Xammal resurslarından səmərəli istifadə olunmur, o, vaxtında bazara çıxarılmır, alış qiymətlərində problemlər var. Bütün bunların hamısı kəndlinin həyatının yaxşılaşmasına mənfi təsir edir. Ona görə cənab Prezident məhz zonalarda emal müəssisələrinin yaradılmasını ön plana çəkmişdir. 
Təqdirəlayiq haldır ki, İqtisadiyyat Nazirliyi artıq regionlarda belə müəssisələrin yerləşdirilməsi barədə konkret təkliflərini verib. Bilirsiniz, biz sizinlə İnvestisiyaların təşviqi ilə bağlı qanun qəbul etdik. O yerlərdə müəssisələr, zavodlar yerləşdirilsin ki, orada güclü xammal resursları, əmək ehtiyatları var. Eyni zamanda, onların inkişaf səviyyəsindən asılı olaraq orada təşviq mexanizmi tətbiq edilməlidir. 
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, mən hesab edirəm, Azərbaycanın kifayət qədər potensialı var ki, biz 2016-cı ilin nəticələrinə görə gələcəkdə büdcə gəlirlərinin artması imkanlarını daha da genişləndirək. Büdcəni təkcə Dövlət Neft Fondu ilə həll etmək olmaz. Məlumat üçün bildirim ki, dollar ifadəsində Dövlət Neft Fondunun vəsaitlərinə qənaət olunur. Vaxt vardı ki, biz Dövlət Neft Fondundan 60–70 faiz götürürdük, amma bu gün həmin rəqəm cəmi 41 faiz təşkil edir. Dövlət büdcəsinin, təbii ki, xərcləri 2 milyarddan çoxdur. 
Büdcənin kəsiri məsələsi. Mən hörmətli millət vəkillərinə təşəkkür edirəm ki, “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər bu gün bir sıra problemlərin həllinə gətirib çıxardı. Hörmətli Samir müəllim komitənin iclasında vurğuladı, Azərbaycan qlobal maliyyə böhranı şəraitində yeganə ölkələrdən biridir ki, büdcə kəsiri cəmi 2,9 faiz təşkil edir. Bu nəyin hesabına oldu? Bu daxili borclanmanın, xaricdən əlavə kreditlərin alınması hesabına olmadı. “Büdcə sistemi haqqında” Qanuna etdiyimiz dəyişikliklərlə hökumətə imkan verildi ki, istifadə olunmayan vəsaitlər xəzinə qalığı hesabında nəzərə alınsın. Büdcə kəsirimizin 65 faizi yalnız bu amil hesabına formalaşdı. Yəni biz xaricdən vəsait almadıq, daxili borclanmanı artırmadıq və sair. 
Digər bir mənbə, komitədə vurğulandı, özəlləşdirmədən gələn gəlirlərdir. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hər biriniz bilirsiniz ki, dünyanın bir çox ölkələrində özəlləşdirmə prosesinə büdcənin mühüm gəliri kimi baxılmır. Xarici ölkələrdə obyektlər var ki, “0”  qiymətləndirilir, amma onun gələcəkdə inkişafı büdcə üçün böyük imkanlar açır. Bütüb bunlara baxmayaraq, bu il özəlləşdirmədən gələn gəlirlər 100 milyon manatdır. Heç vaxt belə şey olmayıb. Baxa bilərsiniz, 25, 30 milyon olub və sair. Özü də indiki şəraitdə dövlət büdcəsinə özəlləşdirmədən gələn gəlirlərin artırılması mürəkkəb məsələdir, çünki artıq iri müəssisələr özəlləşdirilib, hərraca çıxarılan müəssisələrin də həddindən artıq öhdəlikləri var və sair. Ona görə də Azərbaycan dövlətinin büdcəsi bu göstərici baxımından da optimal qiymətləndirilməlidir. 
Borc probleminə gəldikdə cənab Prezident dəfələrlə deyib, Azərbaycanın xarici borcu kifayət qədər optimaldır. Baxmayaraq ki, Azərbaycan dövlətinin neftin qiymətinin aşağı düşməsi şəraitində müəyyən problemlərlə üzləşməsinə, borc öhdəliklərimiz dollarla ifadə olunmasına baxmayaraq, dövlət büdcəsində bu göstərici yüksək səviyyədə nəzərə alınmışdır və bu da bizim üçün gələcəkdə problemlər yaratmayacaq. Yenə də deyirəm, Azərbaycan yeganə ölkələrdən biridir ki, qlobal maliyyə böhranı şəraitində heç bir dövlət qarşısında borc öhdəlikləri ilə əlaqədar problem yaratmadı. Bu o deməkdir ki, Azərbaycan bərabər tərəfdaşdır, qanunlara riayət edir, bu dövlətlə daha səmərəli əməkdaşlıq etmək olar. 
Çıxışımın sonunda bildirmək istəyirəm ki, 2016-cı ilin dövlət büdcəsinə edilən dəyişikliklər reallıqdan, dünyada baş verən hadisələri obyektiv qiymətləndirməkdən irəli gəlir. Bu, gələcəkdə iqtisadi potensialımızın güclənməsi, həyat səviyyəsinin yaxşılaşması üçün möhkəm baza yaradacaqdır. Novruz bayramı ərəfəsindəyik, bu gün ilk çərşənbədir. Bu böyük bayramdır, bayramınız mübarək olsun. Əminəm ki, bu gün qəbul ediləcək dövlət büdcəsi Azərbaycanın 2016-cı ildə də uğurlarının daha möhkəm olmasına imkan yaradacaqdır. Diqqətinizə görə çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, indi maliyyə nazirinə söz verəcəyik. Ancaq bir xahişim var. 16 nəfər çıxışa yazılıb. Etiraz etmirsinizsə, hamının çıxış etməsi üçün reqlamenti 5 dəqiqə edək.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Samir müəllim, buyurun. 
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri. 
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə müvafiq olaraq “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə müvafiq qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuşdur. Hörmətli Ziyad müəllimin qeyd etdiyi kimi, qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində hökumət nümayəndələrinin iştirakı ilə ətraflı müzakirə edilmiş və Milli Məclisin plenar iclasının müzakirəsinə çıxarılması təklif olunmuşdur. 
Hörmətli millət vəkilləri, 2016-cı ilin dövlət büdcəsinə, habelə dövlət büdcəsi haqqında müvafiq qanunla təsdiq olunan icmal büdcənin bəzi göstəricilərinə düzəlişlərin edilməsi hansı zərurətdən irəli gəlir? Bu suala cavab vermək üçün iki əsas səbəbi göstərmək istərdim. Birinci, Azərbaycanın əsas ixrac məhsulu olan xam neftin və neft məhsullarının dünya bazarlarında qiymətinin son 18 ay ərzində 4 dəfədən çox ucuzlaşması, heç şübhəsiz ki, dövlət və icmal büdcələrinin gəlirlərini əhəmiyyətli dərəcədə azaltmışdır. Bildiyiniz kimi, təsdiq olunmuş dövlət büdcəsi üçün neftin bir barelinin qiyməti 50 ABŞ dolları səviyyəsində götürülmüşdür. Mövcud neft qiyməti ilə təsdiq olunmuş büdcədəki qiymət arasındakı əhəmiyyətli fərq dövlət və icmal büdcələrinin gəlirlərinin yenidən hesablanması zərurətini qaçılmaz etmişdir. 
İkinci, 2015-ci ilin dekabr ayında manatın digər valyutalara nisbətən məzənnəsinin əhəmiyyətli dərəcədə ucuzlaşması və üzən məzənnə siyasətinə keçidlə bağlı Mərkəzi Bankın müvafiq qərarı cari il üçün təsdiq olunmuş dövlət və icmal büdcələrin xarici valyutada olan xərclərinin manatla təminatında qeyritarazlıq yaratmışdır. Yəni xarici valyutadakı büdcə xərclərinin yeni məzənnə ilə ödənilməsi üçün təsdiq olunmuş dövlət büdcəsində tələb olunan xərcdə maliyyə vəsaiti nəzərdə tutulmamışdır. Bu da dövlət və icmal büdcələrin gəlirlərinin yenidən qiymətləndirilməsini və əlavə maliyyə təminatı mənbələrinin axtarılmasını labüd etmişdir. 
Eyni zamanda, manatın digər valyutalara nisbətən ucuzlaşması ölkə iqtisadiyyatında inflyasiya təzyiqlərini artırmış, idxal olunan bir çox məhsulların, o cümlədən bəzi gündəlik tələbat mallarının və ərzaq məhsullarının qiymətinin artmasını şərtləndirmişdir. 
Mövcud vəziyyəti nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev dövlət və icmal büdcələrinə yenidən baxılaraq düzəlişlərin edilməsi ilə bağlı hökumətə müvafiq tapşırıqlar vermişdir. İlk növbədə, ölkə Prezidenti əhalinin həssas qruplarının, təxminən 3,7 milyon nəfəri əhatə edən hissəsinin sosial müdafiəsinin yüksəldilməsi üçün dövlət büdcəsində əlavə maliyyə təminatının yaradılmasını tapşırmışdır. 
Bildiyiniz kimi, ölkə Prezidenti fevral ayının 1-dən baza pensiyasının məbləğini artırmış, sosial müavinətlərin, ünvanlı sosial yardıma ayrılan vəsaitin həcminin, məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətlərin, təqaüdlərin, dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışan işçilərin əmək haqlarının orta hesabla 10 faiz artırılmasına dair müvafiq sərəncamlar imzalamışdır. 
Bununla yanaşı, ölkə iqtisadiyyatının inkişafında mühüm əhəmiyyət kəsb edən qeyrineft sektorunun şaxələndirilməsi, bu konteksdə sahibkarlığa, xüsusilə kiçik və orta sahibkarlara əlavə maliyyə dəstəyinin verilməsi, ərzaq, istehlak və digər gündəlik tələbat mallarına olan ehtiyacın, əsasən, yerli istehsal hesabına artırılması, ixracyönümlü malların istehsalına təkan verilməsi, əlavə iş yerlərinin yaradılması və bir sıra digər zəruri dövlət tədbirlərinin tənzimlənməsi üçün yaradılmış maliyyə təminatı təqdim olunmuş qanun layihəsində öz əksini tapmışdır. 
Hörmətli millət vəkilləri, indi isə icazə verin, dövlət və icmal büdcələrinə edilmiş dəyişikliklərin qısa xülasəsini diqqətinizə çatdırım. 2016-cı il üçün dövlət büdcəsinin dəqiqləşdirilmiş gəlirləri 16 milyard 822 milyon manat səviyyəsində təklif edilir ki, bu da təsdiq olunmuş müvafiq göstərici ilə müqayisədə 2 milyard 256 milyon manat və ya 15,5 faiz çoxdur. 2016-cı ilin dəqiqləşdirilmiş dövlət və icmal büdcələrinin hesablanmaları zamanı xam neftin satış qiymətinin bir bareli üçün müəyyən edilmiş qiymət təsdiq olunmuş proqnoza nisbətən iki dəfə aşağı endirilərək 25 ABŞ dolları səviyyəsində götürülmüşdür. 
2016-cı il dövlət büdcəsi gəlirlərinin 7 milyard 615 milyon manatı və ya 45,3 faiz Dövlət Neft Fondundan transfertin, 7 milyard 10 milyon manatı və ya 41,7 faizi Vergilər Nazirliyinin xətti ilə daxilolmaların, 1 milyard 810 milyon manatı və ya 10,7 faizi Dövlət Gömrük Komitəsi xətti ilə daxilolmaların, 387 milyon manat və ya 2,3 faizi isə və sair daxilolmaların payına düşür.  Dövlət  Neft Fondundan dövlət  büdcəsinə  transfertin  məbləği  manat ifadəsində 7 milyard 615 milyon manat səviyyəsində götürülür ki, bu da hazırda təsdiq olunmuş məbləğdən 1 milyard 615 milyon manat  və ya  26,9  faiz  çoxdur.  ABŞ dolları ifadəsində isə 1 milyard ABŞ dolları azaldılaraq həmin məbləğ qədər Dövlət Neft Fondunun qalığına qənaət ediləcəkdir. 
Dövlət büdcəsinin daxilolmalarının tərkibində qeyri-neft sektoru üzrə büdcə gəlirləri 7 milyard 597 milyon manat və ya 45,2 faiz nəzərdə tutulur ki, bu da təsdiq olunmuş büdcə göstəricisinə nisbətən 821 milyon manat və ya 12,1 faiz çoxdur. Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsində nəzərdə tutulan daxilolmalar təsdiq olunmuş proqnozdan 480 milyon manat və ya 6,2 faiz çoxdur. Artım bütövlükdə qeyri-neft sektorundan daxilolmaların payına düşəcəkdir. 
Qanun layihəsində 2016-cı il dövlət büdcəsi  xərclərinin  2 milyard 231 milyon manat  və  ya  13,7  faiz  artırılaraq  18 milyard 495 milyon manata çatdırılması öz əksini tapmışdır. Eyni zamanda, xarici kreditlər hesabına maliyyələşən layihələrlə bağlı xərclər üzrə tətbiq olunan artımları da nəzərə alsaq, faktiki olaraq dövlət büdcəsi xərcləri üzrə artım 3 milyard 922 milyon manat və ya 24,1 faiz çoxdur. 
Artımlardan sonra iqtisadi təsnifata uyğun olaraq 2016-cı il dövlət büdcəsinin xərclərinin 65,5 faizini və ya 12 milyard 106 milyon manatını cari xərclər (təsdiq olunmuş göstərici ilə müqayisədə bu, 1 milyard 922 milyon manat və ya 18,9 faiz çox deməkdir), 24,9 faizini və ya 4 milyard 614 milyon manatını əsaslı xərclər (təsdiq olunmuş büdcə göstəricisi ilə müqayisədə bu, 4,5 faiz  az  deməkdir),  9,6  faizini  və ya  1 milyard 775 milyon manatını dövlət borcuna xidmətlə bağlı xərclər təşkil edəcəkdir. Bu isə təsdiq olunmuş göstərici ilə müqayisədə 525 milyon manat və ya 42 faiz çox deməkdir. 
Müvafiq olaraq dövlət büdcəsi xərclərinin tərkibində cari xərclərin xüsusi çəkisi 2,9 faiz, dövlət borcuna xidmətlə bağlı xərclərin xüsusi çəkisi 1,9 faiz artacaq, əsaslı xərclərin xüsusi çəkisi isə 4,8 faiz azalacaqdır. Dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 37,8 faiz səviyyəsində olacaqdır ki, bu da təsdiq olunmuş büdcəyə nisbətən 1,7 faiz çoxdur. Manat ifadəsində bu xərclər təsdiq olunmuş göstərici ilə müqayisədə 1 milyard 290 milyon manat və ya 21,4 faiz artaraq 7 milyard 160 milyon manat təşkil edəcəkdir. 
Bütövlükdə, qeyd etdiyim 3 milyard 922 milyon manat artımın 1 milyard 290 milyon manatı sosialyönümlü xərclərin payına, 1 milyard 23 milyon manatı və ya 26,1 faizi investisiya və xarici kreditlər üzrə həyata keçirilən layihələrdə pay iştirakı xərclərinə, 845 milyon manatı və ya 21,5 faizi dövlət borcuna xidmətlə bağlı xərclərə, 330 milyon manatı və ya 8,4 faizi müdafiə və təhlükəsizlik xərclərinə, 171 milyon manatı və ya 4,4 faizi Azərbaycanın xaricdə olan diplomatik orqanlarının nümayəndəliklərinin saxlanılması, beynəlxalq təşkilatlarda üzvlük haqları, beynəlxalq tədbirlərin keçirilməsi xərclərinə, 134 milyon manatı və ya 3,4 faizi ölkədə sahibkarlığın inkişafı və ərzaq təhlükəsizliyinin təmin edilməsi xərclərinə yönəldiləcək, 3,3 faiz və ya 129 milyon manat isə bir sıra digər zəruri dövlət xərclərinin tənzimlənməsinə sərf ediləcəkdir. 
Əsaslı xərclərin artımına yönəldilmiş vəsaitin böyük hissəsi ölkə üçün vacib olan böyük transmilli layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bunların sırasında ilk növbədə, Cənubi Qaz Dəhlizi layihəsi, şübhəsiz ki, əsas yer tutur və bu layihədə Dövlət Neft Şirkətinin iştirak payının maliyyələşdirilməsi üçün vəsait ayrılacaqdır. Eyni zamanda, dövlət zəmanəti ilə xaricdən cəlb edilmiş kreditlər üzrə bir sıra infrastruktur layihələrində Azərbaycan tərəfinin payı da xarici valyutada manatın məzənnəsinin azalması səbəbindən mütənasib şəkildə artırılmalıdır. 2016-cı il üçün dəqiqləşdirilmiş xarici borca xidmətlə bağlı xərclərin artması da yenə manatın məzənnəsinin ucuzlaşması səbəbindən baş verir. Bu borclar xarici valyutada ödənildiyi üçün, biz bunlar üçün də əlavə maliyyə təminatını yaratmalıyıq. 
2016-cı il üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin kəsiri təsdiq olunmuş büdcəyə nisbətən 25 milyon manat azalaraq 1 milyard 673 milyon manat və ya gözlənilən ümumi daxili məhsulun 2,9 faizini təşkil edəcək. Kəsirin, əsasən, 2015-ci ilin sonuna vahid xəzinə hesabının qalığının, özəlləşdirmədən və qiymətli kağızların satışından daxilolmaların, çox cüzi bir hissəsinin isə xarici qrantlar hesabına örtülməsi nəzərdə tutulur. 
Yeri gəlmişkən, onu da qeyd etmək istərdim ki, artıq 2015-ci ildə Azərbaycan iqtisadiyyatına mənfi xarici faktorların təsirini nəzərə almaqla dövlət büdcəsinin xərclərinə qənaət edilməsinə başlanılmışdır və 2015-ci ilin dövlət büdcəsinin icrası zamanı bir sıra əsaslı xərclərə qənaət edilmişdir. İlin sonuna dövlət büdcəsinin vahid xəzinə hesabında təxminən 1,4 milyard manata yaxın xəzinə qalığı mövcud idi. 2016-cı ildə yaranmış vəziyyətlə əlaqədar həmin xəzinə qalığından istifadə ediləcək ki, dövlət büdcəsinin kəsiri örtülsün.
2016-cı il üçün icmal büdcənin gəlirlərində də bir sıra dəyişikliklər baş verir. Dəqiqləşdirilmiş icmal büdcənin gəlirləri 15 milyard 793 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş büdcəyə nisbətən 5,9 faiz və ya 981 milyon az deməkdir. Azalma məntiqi olaraq 1 barel xam neftin qiymətinin büdcə üçün qəbul edilmiş proqnoz göstəricisi ilə müqayisədə 2 dəfə aşağı götürülməsi nəticəsində Dövlət Neft Fondunun gəlirlərinin 3 milyard 230 milyon manat azalması hesabınadır. 
İcmal büdcənin xərcləri isə 24 milyard 567 milyon manat və ya təsdiq olunmuş göstəriciyə nisbətən 4 milyard 610 milyon manat çox proqnozlaşdırılmışdır. 
Hörmətli millət vəkilləri, dövlət və icmal büdcələrinə təklif olunan dəyişikliklər xarici iqtisadi şokların və artan geosiyasi gərginliyin ölkə iqtisadiyyatına mənfi təsirlərinin minimum itkilərlə yumşadılmasına, yeni iqtisadi çağırışlarla bağlı görülən tədbirlər üçün müvafiq maliyyə təminatının yaradılmasına, üzləşdiyimiz iqtisadi çətinliklərin ardıcıl şəkildə həll olunmasına xidmət edəcəkdir. İnanıram ki, sizlər bu dəyişiklikləri bəyənib təqdim olunmuş qanun layihəsinin qəbul olunmasına səs verəcəksiniz. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Hesablama Palatasının sədri Vüqar Gülməmmədov buyursun. Xahiş edirəm, bir az yığcam çıxış edin.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və qonaqlar! 2016-cı ilin ilk aylarında müşahidə etdiyimiz prosesləri ötən ildən daha da güclənmiş sistemli böhranın davamı kimi qiymətləndirə bilərik. Daha çox siyasi amillərə əsaslanan iqtisadi dəyişkənlik, o cümlədən neftin qiymətinin kəskin və davamlı şəkildə aşağı düşməsi, bəzi ölkələrin milli valyutalarının dəyərsizləşməsi Yaxın Şərqdə baş verən silahlı münaqişələrin Avropada müşahidə olunan fəsadları ilə daha da dərinləşmişdir. Bu problemlərin həlli üçün hər bir ölkə öz maliyyə imkanlarına və siyasi iradəsinə əsaslanaraq müxtəlif iqtisadi siyasi alətlərdən istifadə edir və bəzi ölkələr həmin məqsədlə xərclərin optimallaşdırılması və rasionallaşdırılması ilə bağlı addımlar atır. Azərbaycan Respublikasının Prezidenti tərəfindən istər daxili, istərsə də xarici iqtisadi kursda çevik siyasi addımlar atılmış, əhalinin xarici təsirlərdən və manatın məzənnəsinin ucuzlaşmasından müdafiəsi məqsədilə cəmiyyətin gözlədiyi qərarlar verilmişdir. 
2016-cı ilin dövlət büdcəsinə yenidən baxılmanı zəruri edən qlobal şərtlər və onların Azərbaycan Respublikasının iqtisadi sisteminə təsiri, nəzərdə tutulmuş əsas dəyişikliklər barədə hörmətli Ziyad müəllim və Samir müəllim geniş məlumat verdilər. Sadəcə, Hesablama Palatasının müvafiq qanunvericiliyin tələblərinə uyğun rəyini diqqətinizə çatdırmaq istərdim. Əlavə etmək istəyirəm ki, dövlət büdcəsində aparılan dəyişiklərin və yuxarıda qeyd etdiyimiz faktorların cari ildə ölkənin əsas makroiqtisadi göstəricilərinə təsiri həmin göstəricilərin yenidən hesablanmasını labüd prosesə çevirir. 
İlk olaraq dövlət büdcəsinin gəlirləri barədə demək istəyirəm. Qeyd edildiyi kimi, 2016-cı ilin gəlirlərinə dəyişiklik 15,1 faiz və ya 2 milyard 250 milyon manat məbləğində proqnozlaşdırılır. Belə ki, bu gəlirlərin artımının 71,6 faizi Dövlət Neft Fondu, 18,1 faizi Vergilər Nazirliyi, 9,7 faizi Dövlət Gömrük Komitəsi, 0,7 faizi isə digər gəlirlərin hesabına formalaşması nəzərdə tutulmuşdur. 
Təhlil müzakirəyə təqdim edilmiş büdcə gəlirlərinin tərkibində vergi gəlirlərinin 47,5 faiz, qeyri-vergi gəlirlərinin isə 52,5 faiz təşkil edəcəyini göstərir. İlkin təsdiq edilmiş büdcə ilə müqayisədə vergi gəlirləri 7,5 faiz, qeyri-vergi gəlirləri isə 23,8 faiz artımla proqnozlaşdırılır. 
Dövlət büdcəsinin gəlirlərinin ayrı-ayrı  mənbələrinin artımına gəldikdə isə büdcə sektorunda əmək haqlarının artırılması, əhalinin gəlirlərinin və orta aylıq əmək haqlarının qorunub saxlanması, məşğulluğun genişləndirilməsi ilə bağlı atılacaq addımlar fiziki şəxslərin gəlir vergisi üzrə təklif olunan proqnozun yerinə yetirilməsi üçün real mənbə rolunu oynayacaqdır. Bu mənbə üzrə artım məbləği büdcə gəlirlərinin ümumi artımının 5,5 faizini təşkil edir və ilkin olaraq təsdiq olunmuş müqayisədə 123 milyon manat artımla proqnozlaşdırılmışdır.  
Əlavə dəyər vergisi üzrə 307 milyon manat artım proqnozlaşdırılır. Həmin məbləğin 127 milyon manatı Vergilər Nazirliyi, 180 milyon manatı isə Dövlət Gömrük Komitəsi üzrə proqnozlaşdırılır. İlkin təyinat ilə müqayisədə bu mənbədən gəlirlər nazirlik üzrə 5,7 faiz, komitə üzrə isə 16,1 faiz artımla nəzərdə tutulmuşdur. 
Dövlət büdcəsinin digər parametri – xərcləri barədə. Dövlət büdcəsinin artımının əsas hədəfi büdcə xərclərinin səmərəliyinin artırılması, valyuta ehtiyatlarına optimal yanaşma, qeyri-neft sektorunun və sahibkarlığın inkişafına əlavə təkan verilməsidir. Dövlət büdcəsinə yenidən baxılması nəticəsində artırılmış xərclərin ümumi məbləği 13,7 faiz olmaqla 2 milyard 231 milyon manat təşkil edir. Ümumiyyətlə, dövlət büdcəsinin təsdiq edilmiş xərclərinə yenidən baxılaraq artımı zəruri edən səbəbləri bir neçə istiqamətə bölmək olar. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən əhalinin sosial müdafiəsinin gücləndirilməsi ilə bağlı çoxsaylı fərman və sərəncamlar imzalanmışdır. Müzakirəyə təqdim edilmiş dövlət büdcə xərclərinin artımının əsas hissəsi məhz sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin təmin olunması məqsədini daşıyır. 
Yenidən baxılaraq artırılmış xərclərin bir hissəsi isə milli valyutanın məzənnə rejiminin dəyişməsi ilə izah etmək olar. Həmin xərclər xarici valyutada ödənməli olan öhdəliklərlə bağlıdır. Təqdim edilmiş layihədə xarici borc üzrə ödəniş 55,5 faiz artımla nəzərdə tutulmuşdur. Xarici borcların ödənişində əsas fərqləndirici cəhət Dünya Bankından alınmış kreditlərə görə faizlərin ödənilməsini, ilkin təsdiq edilmiş xərclərin dövlət büdcəsinin yenidən baxılmış xərclərində nəzərdə tutulmamasıdır. 
Büdcə xərclərinin artımının üçüncü istiqaməti isə iqtisadi fəaliyyətin dəstəklənməsi ilə bağlı xərcləri əhatə edir. Bu xərclər Sahibkarlığa Kömək Milli Fonduna və real sektora verilən müxtəlif növ büdcə ödənişləridir. 
Dövlət büdcə xərclərinin funksional fəaliyyətinin təmin edilməsi baxımından təhlil etsək, qeyd etməliyik ki, yalnız “Sənaye, tikinti və faydalı qazıntılar” bölməsi üzrə azalma proqnozlaşdırılmışdır. Bu bölmə üzrə azalma və “Ümumi Dövlət Xidmətləri” bölməsi üzrə 26,8 faiz həcmdə artım ilk dəfə olaraq dövlət büdcəsində xüsusi çəkiyə təsir göstərərək “Ümumi Dövlət Xidmətləri” bölməsinin xüsusi çəkisinin ən yüksək çəkiyə malik olması ilə nəticələnmişdir. Yenidən baxılmış dövlət büdcəsinin layihəsində iqtisadi təsnifatın sair xərclər üzrə artımı 87 faizdir. Sair xərclərin artımı daha çox “Səhiyyə”, “Sosial müdafiə və sosial təminat”, “Əsas bölməyə aid edilməyən xidmətlər” funksional bölməsində proqnozlaşdırılmışdır. 
Müşahidə olunan qlobal dəyişkənliyin Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməməsi səbəbindən xərclərin proqnozlaşmasında yaranan çətinliklər də diqqətdə saxlanılmaqla bir xərc maddəsi üzrə nəzərdə tutulmuş vəsaitin funksional fəaliyyət istiqamətləri, birdəfəlik təyinatlı blok xərclərin isə iqtisadi mahiyyəti ilə proqnozlaşdırılması Hesablama Palatasının ötən rəylərində də göstərildiyi kimi, büdcə şəffaflığının yüksəldilməsi istiqamətində məqsədəmüvafiq hesab olunur. Hesab edirik ki, təsdiqinə yığışdığımız 2016-cı il büdcəsi xərclərinin icrası daha şəffaf, daha ünvanlı və daha təyinatlı olmalıdır. Ən nəhayət isə xərclərin icrasının nəticəliyi təmin olunmalıdır. Bu nəticələr ümümi daxili məhsulun artımının əsas hərəkətverici qüvvəsidir. 
Cənab Prezident tərəfindən dövlət maliyyə nəzarəti orqanları qarşısında çox sərt tələb və tapşırıqlar qoyulmuşdur. Bu tapşırıqların icrası maliyyə inzibatçılığının gücləndirilməsindən, dövlət satınalmalarında şəffaflığın təmin edilməsindən, maliyyəbüdcə sahəsini tənzimləyən normativ bazanın möhkəmləndirilməsindən, vəsaitlərin istifadəsi uçotunun dəqiqliyindən və ciddi hesabatlığından, ən əsası, dövlət vəsaitlərinin qənaətli istifadəsindən keçir. Dövlət vəsaitləri üzərində ciddi maliyyə nəzarəti və məqsədyönlü qənaət büdcə xərclərində əlavə maliyyələşmə mənbəyidir. 
Hörmətli millət vəkilləri, aparılmış dəqiqləşdirmələr nəticəsində büdcə xərclərində cari xərclər 18,8 faiz, əsaslı xərclər isə 4,4 faiz azaldılmışdır. Cari və əsaslı xərclər arasında nisbət ilkin təsdiq olunmuş büdcə ilə müqayisədə yenidən baxılma prosesində daha da artmışdır. Əgər cari xərclərin artımı müzakirə edilən layihədə sosial siyasətin həyata keçirilməsi ilə bağlı xərclərin üstünlüyü ilə izah olunursa, əsaslı xərclərdə azalma istehsal obyektlərinin əsaslı təmiri və tikililərin inşasında nəzərdə tutulmuşdur. Əsaslı xərclərin tərkib hissəsi olan əsas vəsaitlərin alınmasında isə əksinə, idxaldan asılı olmasını nəzərə alaraq əlavə maliyyə təminatı planlaşdırılmışdır. 
2016-cı ilin yenidən baxılmış dövlət büdcəsində dövlət borcuna xidmətlə bağlı xərclər 1 milyard 775 milyon manat məbləğində nəzərdə tutulmuşdur ki, bu da büdcə gəlirlərinin 10,6 faizini təşkil edir. 
Hörmətli Sədr, hörmətli millət vəkilləri, ilkin təsdiq olunmuş dövlət büdcəsinin gəlir və xərcləri ilə müqayisədə yenidən baxılma prosesində gəlirlərin artım tempinin xərclərin artım tempini 1,8 faiz üstələməsi son nəticədə büdcə kəsirinin məbləğinin 1,5 faiz az nəzərdə tutulması ilə nəticələnmişdir.
Hörmətli Samir müəllim, kəsirin maliyyələşmə mənbəyi barədə məlumat vermişdir. Bu sahədə qeyd edilən məqam ondan ibarətdir ki, ilkin büdcə layihəsində maliyyələşmə mənbəyi kimi qeyd olunmuş xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə daxilolmalar yenidən baxılma prosesində çıxarılaraq icmal büdcəyə aid edilmişdir. Müzakirəyə təqdim edilmiş layihədə həmin mənbə kəsirin maliyyələşmə mənbəyi kimi vahid xərclər hesabının qalığı ilə əvəz olunmuşdur. Qeyd etmək istərdim ki, vahid xərclər hesabının qalığı dövlət büdcə gəlirlərinin 8,3 faizini təşkil edir. 
Dövlət büdcəsi gəlirlərində mövcud potensial imkanlardan maksimum istifadə etməklə, eyni zamanda, vergi və gömrük inzibatçılığının yüksəldilməsində, keyfiyyətin daha da artırılması, proqnoz gəlirlərdən artıq vəsaitin daxil olması, həmçinin büdcə xərclərində maliyyə nəzarətinin gücləndirilməsi sahəsində qənaətin formalaşdırılması fikrinə əsaslanaraq Hesablama Palatası cari ilin sonunda faktiki büdcə kəsirinin planlaşdırılmış büdcə kəsirindən az olacağını ehtimal edir. Beləliklə, dövlət büdcəsinə təqdim olunan dəyişiklikləri zəruri hesab edərək, Hesablama Palatası 2016-cı ilin yenidən baxılmış dövlət büdcəsi haqqında qanun layihəsini Azərbaycan Respublikasının  Milli Məclisində müzakirə və təsdiq olunmasını tövsiyə edir. Diqqətinizə görə təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Müzakirələrə başlayırıq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Büdcəyə edilən əlavə və düzəlişlərlə əlaqədar həm Samir müəllim, həm komitə sədri, həm də digər yoldaşlar ətraflı məlumat verdilər. 
Bilirsiniz ki, cənab Prezident ölkə iqtisadiyyatı ilə bağlı bir neçə müşavirə keçirib. Konkret vəzifələri hər bir şəxsin, hər bir dövlət məmurunun qarşısında qaldırıb. Amma mən indi salona nəzər salanda görürəm ki, iqtisadi bloku əhatə eləyən nazirlərin biri də iclasda iştirak eləmir. 
Burada dövlət büdcəsi müzakirə olunur. Dövlət büdcəsi təkcə Maliyyə Nazirliyinə və ya Mərkəzi Banka aid deyil ki... İqtisadi bloka aid olanlar burada yoxdur. Sənaye, kənd təsərrüfatı, təhsil, səhiyyə və digər strukturlardan heç kim yoxdur. Bəlkə kiminsə sualı, müraciəti var? Növbəti iclasda hökumətin hesabatı veriləcək. O, 2015-ci ilin hesabatıdır. Büdcə olmayan yerdə hesabat nəyə lazımdır? Büdcəyə görə hesabat verirlər də... 
Hesab edirəm, bu gün iclasda bütün strukturların rəhbərləri, heç olmasa, müavinləri iştirak eləməliydilər. Baş nazirin altı müavini var. Nazirlər Kabinetinə mənim sualım var. Burada bir nəfər müavin yoxdur ki, mənim sualımı cavablandırsın. Baş nazir yoxdur, lap yaxşı, amma onun altı mavinindən biri iclasda iştirak eləyə, millət vəkillərinin suallarına cavab verə bilərdi. Mən hesab edirəm, bu cür yanaşma tərzi dövlət başçısının qarşıya qoyduğu məqsədə uyğun deyil. Hər bir insan bunu başa düşməlidir. İstənilən yerlərdə keçirilən görüşlərdə millət vəkillərinin qaldırdığı məsələlərə struktur rəhbəri özü cavab verməlidir. İki nəfər burada bütün strukturlar haqqında məlumat verməlidir? Mən hesab edirəm ki, Oqtay müəllim, onlar yenidən dəvət olunmalıdır və bu onlara çatdırılmalıdır. Milli Məclisə bu cür yanaşmaq olmaz. Təşəkkür edirəm. 
Sədrlik edən. Siyavuş müəllim, çatdırılmasına çatdırılacaq, ancaq nazirlərin çoxu cənab Prezidentlə birlikdə İranda rəsmi səfərdədir. Nazirlər Kabineti barədə dediklərinizlə razıyam. Nazir müavinləri burada iştirak edirlər. Nazir, ya nazir müavini, fərqi yoxdur, hökumət nümayəndəsidir, gəlib. Hökumət üzvlərinin, müavinlərin iştirak etməsi ilə bağlı məsələlərlə razıyam. Buyurun, Əli Məsimli.  
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Deyilənlərə baxmayaraq, mən deputat həmkarım Siyavuş Novruzovu dəstəkləyirəm və hesab edirəm ki, çox düzgün olaraq bu məsələni qaldırır, çünki hakimiyyət orqanlarının xeyli hissəsi burada iştirak eləməliydi. Mətbuatı izləyəndə də görürsən ki, onlar arzularını reallıq kimi göstərməkdən başqa işlə məşğul deyillər. 
Büdcəyə münasibət bildirəndə, beynəlxalq aləmdə gedən proseslər, eyni zamanda, onun Azərbaycana təsiri kontekstində məsələyə yanaşanda xüsusi olaraq qeyd etmək istəyirəm ki, Azərbaycanda hələ ümumi daxili məhsulun dinamikasının necə olacağı, inflyasiyanın birrəqəmli, yoxsa ikirəqəmli olacağı, manatın kursunun hansı tərəfə gedəcəyi bəlli olmadığı bir şəraitdə Maliyyə Nazirliyi belə bir büdcə ortaya çıxarıbsa, onlara yalnız təşəkkür düşür. Sözün həqiqi mənasında, kifayət qədər yığcam və yaxşı bir büdcə təqdim edib. 
Büdcə ilə bağlı Azərbaycan Respublikası Prezidentinin çıxışlarında bir məsələ qırmızı xətlə gedir ki, büdcəyə əlavə vəsaitin cəlb edilməsi istiqamətində elə mexanizmlər tapmaq lazımdır ki, cari xərclər neftdənkənar büdcənin gəlirləri vasitəsilə örtülə bilsin, ikinci, dövlət büdcəsinin xərclərindən səmərəli istifadə edilməsi və lüzumsuz xərclərin aradan qaldırılması istiqamətində xeyli dərəcədə irəliləyişlərə nail olunsun. 
Çıxışımda elə bu kontekstdə bəzi məqamları qeyd eləmək istərdim. Hesab edirəm ki, büdcə bazasının istiqamətində, bir də, kölgə iqtisadiyyatının vergiyə cəlb olunması mümkün olan istiqamətlərdə büdcəyə milyardlarla manat əlavə vəsait cəlb eləmək olar. Büdcə ikinci istiqamətdə elə qurulub ki, o, bu dəfə Azərbaycanda struktur islahatlarının keçirilməsinə və struktur dəyişiklərinə ciddi kömək eləyə bilər. Bu, iqtisadi fəallığın artırılması yolu ilə ola bilər. Ona görə ki, 18,5 milyard manat az pul deyil. 
Bununla paralel olaraq bir məsələni qeyd eləmək istəyirəm. Belə bir siyasətin yeridilməsi, təbii ki, iqtisadi fəallığın artması müəyyən dərəcədə inflyasiyaya da müəyyən təsir göstərəcək. Ona görə də Mərkəzi Bank inflyasiyanı səngitməkdən ötrü sərt pul-kredit siyasəti həyata keçirir. 
Ötən əsrin 90-cı illərinin əvvəllərindən bizə məlumdur ki, Beynəlxalq Valyuta Fondunun  məlum reseptləri əsasında sərt pul-kredit siyasəti həyata keçirən zaman ifrata varılması neftdənkənar sahələrin boğulmasına gətirib çıxaracaq və bu da Azərbaycan Prezidentinin son aylarda verdiyi fərman və sərəncamlar əsasında neftdənkənar sahələrin inkişafı, idxalı əvəz edən məhsullar istehsalının genişləndirilməsi, ixrac potensialının artırılması istiqamətindəki o mütərəqqi başlanğıcları poza bilər. Ona görə də mən hakimiyyət orqanlarını, xüsusən Nazirlər Kabinetini koordinasiya funksiyalarını yerinə yetirməyə çağırıram. Burada söhbət hökumət strukturları, Mərkəzi Bank və digər strukturlardan gedir. Onların arasında ciddi koordinasiya olmasa dediyim həmin hadisə baş verə bilər və beləliklə də, yenə də biz keyfiyyətsiz malların satış poliqonuna çevrilmiş bir ölkə olacağıq ki, bu da indi başlanan islahatları xeyli dərəcədə ləngidə bilər. 
Növbəti qaldırmaq istədiyim məsələ ondan ibarətdir ki, Azərbaycan büdcəsi dürüstləşdirilmiş formada Milli Məclisə təqdim edilməzdən əvvəl Maliyyə Nazirliyi tərəfindən 5 faizə qədər lüzumsuz xərclərin ixtisara salınması istiqamətində addımlar atılmalı idi. Mən Maliyyə Nazirliyinə təşəkkür edirəm ki, büdcə Milli Məclisə təqdim olunmazdan əvvəl bu istiqamətdə xeyli iş görülüb, lüzumsuz xərcləri aradan qaldırandan sonra dürüstləşmiş büdcəni təqdim edib. Hesab edirəm ki, belə bir büdcənin reallaşdırılması həm sosial-müdafiə, həm də Azərbaycan iqtisadiyyatında iqtisadi fəallığı artırmaq nöqteyi-nəzərindən əhəmiyyət kəsb edəcək. Bu işdə uğurlar arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Çox təşəkkür edirəm, cənab Sədr. Mən, təbii ki, bu məsələlərlə bağlı bir-iki fikrimi bildirəcəyəm, çox vaxt almayacağam. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri, burada məni maraqlandıran əsas məsələ büdcə gəlirlərinin 42 faizinin vergi yığımları hesabına nəzərdə tutulmasıdır. Vergi daxilolmaları ötən ilin büdcəsinə bərabər götürülüb. Mən bilmirəm, bunu təmin eləmək mümkündürmü?
Mən hökumətə bu sualı verməklə yanaşı, həm də istəyirəm, nəzərə alınsın ki, indiki şərtlər 2015-ci ildəki kimi deyil. Dövriyyə azalıb və təbii ki, bununla bağlı olaraq gəlirlər də azalıb. Bu, mütləq vergilərin də azalmasına səbəb olan ciddi amil kimi nəzərdə tutulmalıdır. Vergilər Nazirliyi isə büdcə tələblərini yerinə yetirə bilmədiyi üçün sahibkarların vergi yükünü daha da artıracaq. Hazırkı vəziyyətdə sahibkarlara qarşı belə bir münasibət sərgiləmək doğrudurmu? Əlbəttə, doğru deyil. İqtisadi fəallığın azaldığı bir vaxtda verginin inzibati qaydada artırılması obyektlərin bağlanmasına gətirib çıxara bilər. Bu, çox ciddi məsələdir. 
Bu, yalnız mənim fikrim deyil. Verdiyiniz izahatda yazırsınız ki, bununla yanaşı, ortamüddətli dövrdə ölkə iqtisadiyyatı üçün regionda geosiyasi gərginliyin artması, xarici siyasi mühitin daha da pisləşməsi, dövlət və özəl sektorların gəlirlərinin azalması nəticəsində sahibkarlığın iqtisadi fəallığının və maliyyə-bank sektorunun dayanaqlığının zəifləməsi gözlənilir. Siz həm bunu gözləyirsiniz, həm də büdcə gəlirlərinin 42 faizinin vergilər hesabına təmin olunmasını nəzərdə tutursunuz. Ona görə də bu, bir az təzad yaradır. Mən hesab edirəm ki, bu məsələ  çox ciddi şəkildə nəzərə alınmalı və başqa qaynaqlar axtarmaqla  vəziyyəti dəyişməliyik. 
Sonda qeyd edirsiniz, təbii ki, büdcədə yaranmış vəziyyət Azərbaycanın siyasi iradəsindən asılı deyil. Dünyada baş verənlər neftin qiyməti ilə bağlı olan məsələdir. Amma hər halda Dövlət Neft Fondunun gəlirlərinin 3 milyarddan artıq azalması çox ciddi amildir. Mən elə düşünmürəm ki, hər dəfə Dövlət Neft Fondunun vəsaiti azalanda biz buna uyğun xərcləmələri də azaltmalıyıq və məsələni yenə də sahibkarların, başqasının öhdəsinə buraxmalıyıq. Hökumətin iqtisadi sektorunda olan adamlar zəhmət çəkib bu azalmaları başqa mənbələrdən doldurmalıdırlar. Cənab Prezidentin son sərəncamları, göstərdiyi istiqamətlər, verilən meydan kifayət qədər yetərlidir ki, o azalmalar doldurulsun və neftsiz  bir   büdcə təmin olunsun.
Mən hər dəfə büdcə müzakirələrində bir məsələyə toxunuram. Bu, kommunal sektorla bağlıdır. Kommunal sektora yenə də 500 milyon manata qədər vəsait ayrılıbdır. Mən bilmirəm, nəyə görə dövlət mülkiyyət hüququnu özündə  saxlamaq şərti ilə kommunal xidməti özəl sektora işlətməyə vermir? Həm 500 milyon manatı oradan saxlayarıq, həm də bu elə bir sektordur ki, qısa müddət ərzində fayda verə bilər. İllərdir, bu deyilir, amma yerinə yetirilmir. Heç kimə sirr deyil ki, Bakıda müəyyən iş yerlərinin bağlanması ilə əlaqədar olaraq gənclər əyalətlərə qayıdıb. Bu vəsaiti kredit şəklində onlara verin, fermer  təsərrüfatları qursunlar. Bakının özündə, ətrafında kiçik sənaye obyektlərinin qurulması üçün 500 milyon manatı ora vermək mümkündür. Mən hesab edirəm ki, yanaşma bu cür olmalıdır.
Mən həmişə büdcəyə tənqidi münasibət bildirirəm və istəyirəm ki, hər şey daha yaxşı olsun. Amma çıxışımı fərqli bir notla qurtarmaq istəyirəm. Ölkəmizin gələcəyi üçün hamımız səfərbər olmalıdır. Müxalifət, iqtidar olmasından asılı olmayaraq bütün siyasi partiyalar, vətəndaşlar cənab Prezidentin ortaya qoyduğu islahatlar paketini dəstəkləyirik və dəstəkləməkdə də davam edəcəyik. Biz bununla bağlı yerlərə də öz təşəbbüslərimizi veririk, dəstək olmağa çalışırıq. 
Hökumətə də uğurlar arzulayırıq. Bir az əl-ayaqlarını yığışdırıb möhkəm işə girişsələr, məsələnin qarşısını almaq mümkündür. Azərbaycanın kifayət qədər ciddi potensialı vardır. Hollandiya  dənizə torpaq tökən ölkədir, amma onun büdcəsi 100 milyarddan artıqdır. Bu nailiyyətləri kənd təsərrüfatından əldə edir, biz də bunları edə bilərik. Mən iradlarımı deməklə bərabər, həm də hökumətə bu işlərin öhdəsindən gəlmək üçün uğurlar arzulayıram. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı. 
F.Ağamalı. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, media təmsilçiləri! Əlbəttə, dünyada baş vermiş  böhran, onun doğurmuş olduğu fəsadlar Azərbaycandan da yan keçmədi. Bu da təbiidir, çünki Azərbaycan dünyanın bir parçasıdır. Lakin  əhəmiyyətli cəhət ondan ibarətdir ki, artıq ölkə Prezidentinin aydın proqramı var, yaranmış situasiyadan çıxmaq üçün bütün imkanların, potensialın hərəkətə gətirilməsi üçün iradə var. Ölkə Prezidentinin ölkə miqyasında keçirdiyi mühüm görüşlər, toplantılar, müşavirələr, eyni zamanda,  səfərlərdə olduğu ayrı-ayrı ölkələrdə atdığı addımlar və imzaladığı sənədlər belə bir  nikbinliyə əsas verir ki, Azərbaycan dünyanı bürüyən maliyyə iqtisadi böhrandan az itki ilə sığortalanmış şəkildə çıxa biləcəkdir. Bu gün ölkə Prezidentinin rəhbərliyi altında iqtisadi blok demək olar ki, gücləndirilmiş iş rejimində çalışmaqdadır.
Azərbaycan vaxtilə bundan da ağır durumu yaşayıbdır. 90-cı illərin əvvəllərində Azərbaycan  böhranın  bütün tərəflərini özündə daşıyırdı. Lakin ulu öndərimiz xalqın iradəsinə söykənərək, Azərbaycanı həmin çətin durumdan çıxararaq Cənubi Qafqazın lider dövlətinə çevirə bildi. Mən tamamilə əminəm ki, biz bu liderliyi saxlayacağıq. Ona görə ki, ölkə Prezidenti ilə xalqın sıx vəhdəti, cənab Prezidentin aydın proqramı bizi xoşagəlməz situasiyalardan çıxara biləcək. 
Bununla bərabər, bəzi məsələlərlə bağlı fikrimi diqqətinizə çatdırmaq istəyirəm. Ölkə Prezidentinin dediyi kimi, biz neft amilini unutmalıyıq, düşüncələrimizdən çıxarmalıyıq. İndi əsas məsələ qeyri-neft sektorunun inkişafı ilə bağlıdır ki, ölkə Prezidenti onun da bütün  parametrlərini  cızdı, ortalığa qoydu. Mən də həmin fikirləri tam müdafiə edərək, bəzi məsələlərə  xüsusi münasibətimi bildirmək istərdim. 
İlk növbədə, Azərbaycanda qeyri-neft sektorunun inkişafı üçün ənənəvi sənaye müəssisələrinin bərpasına ehtiyac var. Bu, hər şeydən əvvəl yüngül sənaye  ilə birbaşa bağlıdır. Azərbaycanda yüngül sənayenin inkişafı üçün bütün xammal var. Yaşlı nəslin yaxşı xatirindədir ki, Azərbaycan yüngül sənayenin bütün növləri üzrə artıq ittifaq miqyasında tanınan bir respublika idi. Bunun üçün mənə elə gəlir ki,   ilk növbədə həmin ənənəvi müəssisələrin bərpasına ciddi ehtiyac var. 
İkinci məsələ. Mən fikirləşirəm ki, kimya sənayesinə yeni bir baxış lazımdır, çünki Azərbaycanın bir sıra istehsal sahələrində istifadə olunan xammalın böyük əksəriyyəti Türkiyə, İran və Rusiyadan alınır. Halbuki Azərbaycanın kimya sahəsində çalışan alimlərinin bununla bağlı kifayət qədər araşdırmaları var. Mənə belə gəlir ki, həmin xammalın xaricdən gətirilməsinin qarşısını almaq üçün onların imkanlarından istifadə etməliyik. Biz xammal istehsal etməklə həm ölkənin ehtiyaclarını ödəmiş olarıq, həm də onun satışından Azərbaycana külli miqdarda valyuta gələ bilər.  
Üçüncü, düşünürəm ki, kənd təsərrüfatına xüsusi diqqət vermək lazımdır. Ölkə Prezidenti də söylədi ki, neft və qazdan sonra Azərbaycanın başlıca ixracı kənd təsərrüfatı məhsulları olmalıdır. Ancaq bu gün kənd təsərrüfatına cəmi vur-tut 30 milyondan bir az yuxarı pul ayrılıbsa, bununla kənd təsərrüfatından heç nə tələb etmək mümkün deyil. Mənə elə gəlir, kənd təsərrüfatında bütün sahələri inkişaf etdirmək, həm emal müəssisələrini, həm də böyük valyuta gətirə biləcək istixanaların inkişafını təmin etmək üçün onlara qaz, elektrik və kübrələrdə güzəştlər olunmalıdır. Məncə, bu, səmərəli nəticələr verərdi. 
Burada söyləndi, mən də xüsusi olaraq qeyd etmək istəyirəm ki, 447 milyon vəsait ayrılan mənzil kommunal təsərrüfatının  saxlanılmasına nə ehtiyac var? Mənzillər özəlləşib, kommunal xidmətlərlə də “Azərsu”, “Azəriqaz” məşğul olur. Kanalizasiya sistemi, telefon müstəqildir. Hər birimizin mənzilində bir problem olanda dərhal başqa istiqamətə yönəlirik. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov. 
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Maliyyə naziri cənab Samir Şərifovun qeyd etdiyi kimi, büdcəyə yenidən baxılmanın əsas səbəbləri milli valyutanın 2 dəfə devalvasiyaya uğraması və dünya bazarında neftin qiymətinin kəskin düşməsi ilə əlaqədardır. Bu gün bizə təqdim olunan büdcənin gəlir və xərc hissəsində 2,3 milyard manat əlavə  vəsait  nəzərdə  tutulmuşdur  ki,  bunun  da  təxminən 1,6 milyard manatı Dövlət Neft Fondundan transfert, 700 milyon manatı isə əlavə dəyər vergisi, gəlir vergiləri və idxalda yaranan əlavə dəyər vergisi ilə əlaqədardır. Əlbəttə, əlavə 700 milyon manat verginin yığılması Vergilər Nazirliyi üçün müəyyən qədər problem yarada bilər. Amma elə etmək lazımdır ki, bu, sahibkarlar üçün problem yaratmasın. 
Büdcənin gəlir hissəsinə nəzər yetirəndə dövlət əmlakının özəlləşdirilməsindən, dövlət müəssisələrinin altında olan torpaqların  icarəyə verilməsindən gələn gəlir  hər il təxminən 12–13 milyon göstərilir. Bizim apardığımız araşdırmalar nəticəsində məlum olmuşdur ki, bu rəqəm bundan 20 dəfə artıq olmalıdır. Mən belə hesab edirəm ki, nazirliklər bu rəqəm ətrafında fikirləşməlidirlər. Büdcəyə daxilolmalarda, ümumiyyətlə, Vergilər Nazirliyinin payına 6,2 faiz, Dövlət Gömrük Komitəsinin payına isə 13 faiz artım düşür. Əlbəttə, mən belə hesab edirəm ki, 2016-cı ildə bu rəqəmləri həyata keçirmək üçün bu iki nazirlik çox ciddi işləməlidir. 
Büdcənin xərc hissəsinə nəzər yetirəndə görürük ki, dövlət başçısı cənab İlham Əliyevin həmişə diqqət verdiyi sosial layihələr, yəni insanların sosial maraqları ön plandadır. Büdcənin əlavə gəlirinin 800 milyon manatı  sosial layihələrin həyata keçirilməsinə, yəni əmək haqları, pensiyalar və sosial müavinətlərə, 400 milyon manatı isə müdafiə xərclərinə ayrılmışdır. Qalan hissəsi isə, əsasən, dövlət borcuna, təhsilə və səhiyyəyə ayrılmışdır.
2016-cı ilin dürüstləşdirilmiş büdcəsi ilə əlaqədar mən bir neçə məsələyə də toxunmaq istərdim. Birincisi, 2016-cı ilin dövlət büdcəsində ipoteka ilə əlaqədar 50 milyon manat vəsait nəzərdə tutulmuşdur. Biz komitədə də bu məsələyə toxunduq. Dövlət başçısı elan etmişdir ki, ipotekaya əlavə 200 milyon manat vəsait ayrılacaqdır. Yəqin ki, bu vəsait barədə də Azərbaycan hökuməti fikirləşməli və yaxın vaxtlarda bununla əlaqədar müəyyən qərarlar verilməlidir.
Biz, ümumiyyətlə, istəyirik ki, 2016-cı ildə Azərbaycanda ciddi problemlər yaşanmasın. Qeyd olunduğu kimi, biz, əsasən, 3 sahəyə diqqəti artırmalıyıq. Əhalinin işlə təmin olunması üçün tez gəlir gətirən sahələr var. Bunlardan birincisi, kənd təsərrüfatıdır. Dürüstləşmiş büdcədə kənd təsərrüfatına əlavə 86 milyon vəsait nəzərdə tutulur. Mən hesab edirəm ki, bu çox az vəsaitdir, çünki kənd təsərrüfatında, xüsusilə emal sənayesində və suvarma sistemində problemlər həddən artıq çoxdur. Taxta-körpü su anbarının və Şəmkirdə böyük su anbarının tikilməsinə baxmayaraq, Azərbaycanın meliorasiya sistemində çox ciddi problemlər var. Mən belə hesab edirəm ki, Azərbaycan hökuməti suvarma sistemi ilə əlaqədar xüsusi proqram işləyib hazırlamalıdır. Əks halda biz kənd təsərrüfatında  ciddi irəliləyişə nail ola bilməyəcəyik. 
İkincisi, deyəcəyim məsələ orta və kiçik sahibkarlığın inkişafı ilə bağlıdır. Bu sahəyə diqqət artırılmalıdır. Mən bunu vergi və gömrük orqanlarından xahiş edirəm. Düzdür, son vaxtlar gömrük orqanlarında çox ciddi, müsbət islahatlar aparılıb. Amma elə etmək lazımdır ki, Azərbaycanda kiçik və orta sahibkarlığın inkişafında ciddi problemlər olmasın. Azərbaycanın dövlət başçısının son vaxtlar qəbul etdiyi sərəncamlar və fərmanlar, Milli Məclisin qəbul etdiyi bir sıra qərarlar bizə imkan yaradır ki, 2016-cı ildə bütün çətinliklərə baxmayaraq, manatın növbəti devalvasiyasından qaçaq və Azərbaycanın iqtisadi inkişafını təmin edək. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, mən də hesab edirəm ki, 2016-cı ilin dürüstləşdirilmiş dövlət büdcəsinin  hazırlanması və müzakirəyə çıxarılması günün reallığından doğan tələblərlə bağlıdır. “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlanan, mükəmməl bir layihədir və onun hazırlanmasında əməyi olan hər kəsə, xüsusilə Maliyyə Nazirliyinın əməkdaşlarına minnətdarlığımı bildirirəm. Eyni zamanda, həmişə olduğu kimi, bu dəfə də bizə obyektiv, dərin təhlilə əsaslanmış rəy təqdim etdiyinə görə Hesablama Palatasına öz minnətdarlığımı bildirirəm. 
Hörmətli maliyyə nazirimizin verdiyi məlumata görə dürüstləşdirilmiş büdcədə 2 milyard 256 milyon manatlıq artım vardır və bunun da böyük bir hissəsi Dövlət Neft Fondundan transfert hesabınadır. Həm də Vergilər Nazirliyi xətti ilə  18 faizdən çox, Dövlət Gömrük Komitəsinin xətti ilə isə 10 faizə yaxın əlavə vergi və rüsumlar yığılmalıdır. Məndən öncə hörmətli Fərəc müəllim də bu məsələni qaldırdı, burada belə bir sual ortaya çıxır ki, bu artımlar nəyin hesabına olacaqdır? Dövriyyəmi artacaq, iş yerlərimi artacaq, məhsul bolluğumu yaranacaq, yoxsa deyildiyi kimi, ənənəvi şəkildə vergi və gömrük inzibatçılığı möhkəmləndiriləcəkdir? Amma biz bunu nə şəkildə artırırıqsa artıraq, hökmən  sahibkarlığı, xüsusilə kiçik sahibkarı  qorumalıyıq ki, növbəti illərin büdcələrini doldura bilək. Yəni təkcə bu illə bizim həyatımız bitmir, qurtarmır. Mən ümidvaram ki, həmişə olduğu kimi, böhran dövründə də müdrik siyasətimiz, hökumətin, parlamentin, cəmiyyətin birgə fəaliyyəti bu problemlərin öhdəsindən gəlməyə bizə imkan yaradacaqdır.

 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
birinci müavini Z.Əsgərov sədrlik edir
 
Mən büdcənin xərc hissəsi ilə bağlı fikirlərimi söyləmək istəyirəm.  Hörmətli Ziyafət müəllim, ötən ilin sonlarında biz Vergilər Məcəlləsinə bir dəyişiklik etdik. 164-cü maddənin ikinci bəndini ləğv etdik və ölkəyə idxal olunan bəzi mallar, o cümlədən dərman vasitələri və tibbdə istifadə olunan ləvazimatlar idxal vergisindən azad edildi. O azadolma indi aradan qaldırıldı. 
Bilirsiniz ki, bu saat Azərbaycanda invazib təbabət çox sürətlə inkişaf edir. Xüsusilə kardio-cərrahiyyə, oynaqdaxili müdaxilələr, böyrək, qaraciyər köçürmələri və sairdə çox bahalı avadanlıqlardan və tibbi ləvazimatlardan istifadə olunur. Kardiostimulyatorlar, ürək, ağ ciyər pompası, stendlər, süni ürək qapaqları, süni oynaqlar var ki, indoprotezləşmədə istifadə olunur. Birdən-birə 16 faiz, sonrakı dövrdə 18 faiz artımın əlavə olunması doğrudurmu? Bu vergilər son nəticədə sahibkarın deyil, xəstənin hesabına ödənilir. 
Əgər biz neçə illərdir icbari tibbi sığortanı lazımi səviyyədə tətbiq edə bilməmişiksə və dövlət büdcəsindən ayrılan vəsait də belə böyük əməliyyatları aparmağa imkan vermirsə, onda heç olmasa, vətəndaşlarımızı vergi yükündən azad etməliyik. Bu mənada, hörmətli Samir müəllim, çox xahiş edirəm ki, bu məsələyə baxasınız. Bəlkə invaziv əməliyyatlarda istifadə olunan ləvazimatlarının, ümumiyyətlə, dərman vəsaitlərinin əlavə dəyər vergisindən azad edilməsi məsələsini gündəmdə saxlayaq? Dünya ölkələrinin 90 faizindən çoxunda dərman vasitələri, ümumiyyətlə, əlavə dəyər vergisindən azaddır. Biz bir tərəfdən dərman istehsalını da qurmuruq, digər tərəfdən də ölkəyə gələn dərmanlara əlavə dəyər vergisi tətbiq edirik. Bu vergi kimdən çıxır? Sahibkarlardan çıxmır. Sahibkar vəsaiti gətirir, üstünə də qoyub satır, pulunu qazanır. Pul xəstə vətəndaşdan çıxır. Hesab edirəm ki, bunları etməyə bizim imkanlarımız var. Heç olmasa mərhələ-mərhələ edək, yaxud da əlavə dəyər vergisini 50 faizə endirək. 
Ünvanlı sosial yardımla bağlı bir təklifim var. 220 milyon manatdan çox vəsait sərf olunub. Hörmətli Səlim müəllimin çox böyük fəaliyyətinə baxmayaraq, yenə də bu vəsaitin müəyyən hissəsi dağıdılır. Buna görə də burada hökumətin də bir mövqeyi olmalıdır. Bəlkə ünvanlı sosial yardım praktikasından imtina edək, vəsaitləri daha konkret xərcləmək yolunu tutaq. Bütövlükdə isə mən büdcəyə səs verəcəyəm, deputat həmkarlarımı da buna çağırıram.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Sağ olun. Hörmətli sədarət, hörmətli deputatlar, hörmətli media işçiləri! Bizim hər bir çıxışımıza qulaq asan Azərbaycan vətəndaşları bilməlidirlər ki, ildə bir dəfə büdcəni müzakirə edərkən biz həqiqətləri, reallıqları nəzərə alaraq müəyyən hesablamalar aparırıq. Komitədəki geniş müzakirələrdən, eyni zamanda, maliyyə naziri cənab Samir Şərifovun və Hesablama Palatasının sədrinin verdiyi məlumatlardan da görünür ki, dürüstləşdirilmiş dövlət büdcəsi dövrün tələbidir. 
Ölkə Prezidenti cənab İlham Əliyevin söylədiyi kimi, bizim qarşımızda duran ən əsas məsələlər var ki, bunların heç biri bizim arzu və istəklərimizdən, iradəmizdən asılı deyil. Birincisi, antiböhran tədbirlərin həyata keçirilməsi istiqamətində atılan addımlardır. İkincisi, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi istiqamətində görülən tədbirlərdir. Bu günlərdə hörmətli Bahar xanımın iştirakı və təşəbbüsü ilə biz ikinci məsələni, əsrlər boyu qarşımızda duran vəzifələri müzakirə etdik. 
Məndən əvvəl çıxış edən deputat həmkarım Fərəc Quliyevin və digərlərinin dediyi kimi, biz – siyasi partiyalar birləşərək qarşıda duran vəzifənin öhdəsindən gəlmək üçün istiqamət götürməliyik. Ona görə də hesab edirəm ki, müzakirə etdiyimiz büdcə bu gün tamamilə reallığa uyğundur. Büdcə təşkilatı və büdcə sistemində, Maliyyə Nazirliyində işləyən əməkdaşlara təşəkkür etməliyik və beləliklə də, büdcənin qəbul edilməsi istiqamətində fikirləşməliyik. Mən öz adımdan Maliyyə Nazirliyinin əməkdaşlarına təşəkkür edirəm. Qarşımızda duran vəzifələrin öhdəsindən gəlmək üçün Prezidentimiz ətrafında sıx birləşməli və Prezidentimizin irəli sürdüyü təkliflərin icra olunmasına çalışmalıyıq. Mən hesab edirəm ki, bu büdcənin qəbul olunmasına yekdilliklə səs verməliyik. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Eldar İbrahimov, buyurun.
E.İbrahimov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Dəqiqləşdirilmiş dövlət büdcəsi göstəricilərinin təhlili hökumətin həyata keçirdiyi iqtisadi siyasətə bir daha sadiq qaldığını göstərir. Belə ki, neftin qiymətinin kəskin aşağı düşməsi nəticəsində neft sektorundan daxil olmaların əsaslı sürətdə azalmasına baxmayaraq, 2016-cı il dövlət büdcəsinə yenidən baxılarkən büdcənin gəlirləri və xərcləri nəinki azaldılmış, əksinə hər iki göstəriciyə görə 2,2 milyard manat artımla yenidən hesablanmışdır. Gəlirlərin artımında, əsasən, Dövlət Neft Fondundan daxilolmalarla yanaşı, yeni iş yerlərinin açılması, istehsalın genişləndirilməsi və işçilərin orta aylıq əmək haqqının artırılması istiqamətləri üstünlük təşkil edir. Bu məsələlərə dair ölkəmizdə konkret işlər görülür və ümid edirik ki, nəzərdə tutulan bu layihələr həmişə olduğu kimi vergi və gömrük orqanları tərəfindən uğurla yerinə yetiriləcəkdir. 
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq büdcə xərclərinə yenidən baxılarkən, əsasən, əhalinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsinə, yəni pensiya və sosial müavinətlərin, ünvanlı sosial yardımın, təqaüdlərin, büdcədən maliyyələşən bəzi təşkilatların işçilərinin əmək haqlarının artırılmasına və digər sosial tədbirlərin həyata keçirilməsinə xüsusi diqqət yetirilmişdir. Bunun nəticəsidir ki, büdcə xərclərinin 2,2 milyard manat artımının 1,3 milyard manatı və ya 60 faizi sosial məsələlərin yaxşılaşdırılmasına yönəldilmişdir. Bu onu göstərir ki, dünyada baş verən iqtisadi təlatümlərə baxmayaraq, ölkəmizdə həyata keçirilən düşünülmüş iqtisadi siyasət nəticəsində hörmətli Prezidentimizin dediyi kimi, əhalinin maddi rifah halının daim yaxşılaşması həmişə ön planda olmuş və bundan sonrada ön planda olacaqdır. 
Bildiyiniz kimi, hörmətli Prezidentimiz bu il yanvarın 10-da Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunan iclasında və yanvarın 26-da Azərbaycan Respublikası regionlarının 2014–2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının ikinci ilinin yekunlarına həsr olunmuş konfransda aqrar bölməni qeyri-neft sektorunun prioritet sahəsi adlandıraraq qeyd etmişdir ki, təkcə 2015-ci il deyil, bundan sonra hər il kənd təsərrüfatı ili olmalıdır. Bununla əlaqədar əsaslı işlərin görülməsi barədə hökumətə tapşırıqlar vermişdir. Xüsusilə ölkəmizdə pambıq, çay, tütün, barama və üzüm məhsulları istehsalının artırılması, onların son istehlak mallarına kimi emal edilməsinin təşkil olunması əsas istiqamətlər kimi göstərilmişdir. Bu da onunla əlaqədardır ki, məhz bu məhsullar fermerlərin hər hektardan daha çox gəlir əldə etməsində, iqtisadiyyatın bir çox sahələrində yeni daimi iş yerlərinin açılmasında, xarici bazarlara çıxıb ölkəyə valyuta gətirməkdə mühüm əhəmiyyət kəsb edir. 
Bunu nəzərə alaraq dəqiqləşdirilmiş dövlət büdcəsində kənd təsərrüfatına ayrılmış büdcə vəsaiti 88 milyon manat və ya 14,7 faiz artırılaraq 596 milyondan 684 milyon manata çatdırılıb. Təbii ki, bu, azdır, ancaq hesab edirik ki, bu vəsait sahibkarları, fermerləri daha çox məhsul istehsal etmək, yeni istehsal sahələri yaratmaq, müasir texnika və texnologiyalar tətbiq etmək üçün stimullaşdıracaq, ölkəmizin ərzaq təhlükəsizliyinin təmin olunmasına müsbət təsir göstərəcək və ixrac məhsullarını artıracaqdır. 
Onu da qeyd etmək istəyirəm ki, pambıqçılıq, çayçılıq, tütünçülük və üzümçülük məsələlərini əhatə edən hüquqi baza mövcuddur. Yaxşı olar ki, bu istiqamətdə işləri müasir tələblər səviyyəsində qurmaq və bu sahələrin əsaslı inkişafını təmin etmək üçün icra orqanları ilə birlikdə bu qanunlar bir daha gözdən keçirilsin və lazımi dəyişikliklər aparılması üçün təkliflər hazırlansın. 
Layihə haqqında hörmətli həmkarım Ziyad Səmədzadə və hörmətli nazirimiz Samir Şərifov ətraflı məlumat verdilər. Ona  görə mən bu məsələləri genişləndirməyə ehtiyac duymuram. Ümumiyyətlə, hesab edirəm ki, bu layihə tamamilə yerindədir. Mən bu qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımdan da xahiş edirəm ki, buna səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa. 
F.Mustafa. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hər dəfə dövlət büdcəsi müzakirə olunanda insanlarımızda belə bir ümid yaranır ki, bu gündən başlayaraq onların vəziyyətində xeyli yüngülləşmə olacaqdır. Mən burada deputat həmkarım Siyavuş Novruzovun fikirləri ilə razılaşmadığımı bildirirəm. Bura Nazirlər Kabinetinin tam heyətinin, ya da nazirlərin gəlməsinin o qədər də mənası yoxdur. Əsas odur ki, devalvasiyadan sonra hər gün televiziyada, digər mətbuat orqanlarında xalqın qarşısına çıxıb hansı yeniliklər olduğunu göstərəydilər. Bizə hesabat verməyə nə ehtiyac var? Biz onsuz da xalqın qarşısındayıq, hər  gün işsizlərlə, problemi olan sahibkarlarla, devalvasiyadan zərər çəkmiş vətəndaşlarla qarşılaşırıq, ancaq onların problemini həll eləməyə gücümüz çatmır. 
Bu iş hökumətin üzərinə düşən məsələdir. Hökumət də ölkə Prezidenti yığmayınca yığışmır, hər hansı bir açıqlama vermir. Hökumət bildirməlidir ki, nə qədər iş yeri açılır, inhisarçılığa qarşı hansı işi aparır, kənd təsərrüfatında hansı müəssisələr açılır, sahibkarın qorunması, işsizliyin ortadan qaldırılması, müavinətlərin artırılması üçün hansı real işlər görülür və sair. Bunlar yoxdur. 
Bir məsələyə də diqqət eləmək lazımdır. Bizdə tez-tez qeyd eləyirlər ki, Azərbaycan iqtisadi sistemi çox inkişaf eləmiş sistemdir. Amma devalvasiya göstərdi ki, olduqca primitiv bir əsasda qurulduğuna və çoxşaxəli sistemə keçə bilmədiyimizə görə qeyri-neft sektorunun üstünlüyünü yarada bilmədik. Bunun nəticəsində də elə bir sahə yoxdur ki, bu gün neftin ucuzlaşdığı bir vaxtda ona istinad eləyərək dövlət büdcəsinə hansısa bir gəlir gətirmə yollarını tapa bilək. 
Kənd təsərrüfatı bərbad vəziyyətdədir. Xaricdə fermer kənd təsərrüfatı ilə bağlı layihə tərtib eləyir, onun 50 faizini dövlət əvvəlcədən ödəyir. Ona görə ödəmir ki, o, xeyir verəcəkdir. Ona görə ödəyir ki, müəyyən dərəcədə işsizlik problemini və həm də ölkənin ərzaq təhlükəsizliyi məsələsini həll eləsin. Bizdə verilən o subsidiyalar çox cüzidir. Digər tərəfdən də, kənd təsərrüfatında hansı sahədə istəyirsənsə iş qur, o, bütöv orqanizm kimi işləməyəndə səmərə vermir. Məsələn, bir gün hansısa rayonda qaz gəlmədisə, onun əkdiyi pomidordan gəlir götürmək imkanı ortadan qalxır. Bir gün işıq yanmayanda onun təsərrüfatında iş strukturu pozulur və bunların hamısı bir-biri ilə bağlı məsələlərdir. 
Tez-tez deyirik ki, Azərbaycanda turizm inkişaf eləyir. O qədər baha elədik, o qədər səmərəsiz otellər tikdik ki, bu gün Azərbaycan otellərinin 95 faizi bomboşdur. İşçilərin pulunu verə bilmirlər. İki mərtəbənin işığı yanır, digərlərini söndürüblər ki, əlavə xərc getməsin. Bunların hamısı nədən irəli gəlir? Düşünülməmiş, proqramlaşdırılmamış fəaliyyətin nəticəsidir. Ona görə hökumət bunun üzərində düşünməlidir. 
Yaxud da qeyd edirik ki, maaşlar 30–40 faiz qaldırılsın. Amma bu, yenə də çatmayacaq, çünki burada yalan rəqəm olmamalıdır. Minimum əmək haqqı 200 manatdırsa, 200 manatlıq istehlakçı səbəti olmalıdır. Yəni burada qara kürüdən söhbət getmir. Heç olmasa, insanın yaşayışı üçün lazım olan adi qida məhsullarının olması kifayət edərdi.
Digər tərəfdən, indi Azərbaycanda sahibkarlarla bağlı məsələdə problemlər nədən ibarətdir? Baxın, Vergilər Nazirliyinin xətti ilə büdcəyə fiziki şəxslərdən 3 milyard manat gəlir proqnozlaşdırılır. Bu kimin üzərindən çıxacaqdır? Bu, iri holdinqlərin, mənfəət gəlirlərini gizlədən ayrı-ayrı gizli iqtisadiyyat təmsilçilərinin üzərindən çıxmayacaq, vətəndaşın üzərindən çıxacaq. 
Ölkənin ərzaq təhlükəsizliyini təmin eləyən, inhisarçılığı əlində saxlayan ən böyük holdinqimiz, – nümunə üçün deyirəm, – 49 şirkəti birləşdirir. 2014-cü ildə dövlət büdcəsinə ödədiyi mənfəət vergisi 3 milyon 570 min manatdır. Bununla hara gediləcək? Bu, vətəndaşdan çıxacaq, çünki hamı gəlirini gizlədirsə, hara gedə biləcəyik? Ona görə də artıq kölgə iqtisadiyyatı ilə bağlı problemə baxmaq lazımdır. Bu gün elə vəziyyətə gəlib çıxmışıq ki, artıq Azərbaycanı yalançı statistikadan çıxarmalıyıq. Əks halda biz “işsizlik bu qədər azdır”, “yoxsulluq azdır” kimi ifadələrlə bir yana çıxa bilməyəcəyik. Ona görə də mən bu istiqamətdə təcili tədbirlər görülməsini təklif edirəm. Hökumətin də emal sənayesinə, kənd təsərrüfatına diqqət ayırmasını istəyirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil müəllim,  mən Sizin çıxışınıza şərh vermək fikrində deyildim, amma deyirsiniz ki, Azərbaycanın iqtisadi sistemi çox primitivdir. Kökündən səhvdir, Azərbaycanın çox mükəmməl iqtisadi sistemi var. Yadınıza salım, 2008-ci ildə Avropanı böyük böhran bürüyəndə Azərbaycanın iqtisadi sistemi 2015-ci ilə qədər hansı dayanıqlığı göstərdi? Siz özünüz də onu gördünüz. 
Sadəcə olaraq, bu, müvəqqəti çətinlikdir və hamı da bunu bilir. Neftin qiymətinin aşağı düşməsi, devalvasiya ilə bağlı məsələlərdir. İndi görün iş hara çatıb ki, Böyük Britaniyanın funt sterlinqi də artıq devalvasiyaya məruz qalır. Yəni bu dünyada baş verən prosesdir. Amma bu, Azərbaycanda özünü cüzi də olsa göstərirsə, buna qarşı çox ciddi tədbirlər görülür. Bilirsiniz ki, artıq islahatlara start verilib və Azərbaycan yaxın vaxtlarda çətinlik çəkmədən bu vəziyyətdən çıxacaq. Ona görə də mən sizin dediyiniz fikirlə qətiyyən razı ola bilmərəm. Jalə Əliyeva. 
J.Əliyeva. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri və hörmətli hökumət üzvləri! Son 10 ildə dünyada tüğyan edən iqtisadi böhran şəraitində ölkəmiz nəhəng inkişaf layihələrinə imza atdı və onları uğurla həyata keçirdi. Düşünürəm ki, bu layihələr haqqında, xüsusilə də 2015-ci ildə həyata keçirilən işlər haqqında qısaca  da olsa yaddaşımızı təzələməyə ehtiyac var. Birinci Avropa oyunlarının uğurla keçirilməsi, TANAP layihəsinin davam etdirilməsi, Bakı–Tbilisi–Qars dəmir yolunun inşaatının böyük bir hissəsinin başa çatdırılması, ölkənin ərzaq təhlükəsizliyinin etibarlı şəkildə təmin edilməsi, Azərbaycan məhsullarının rəqabət qabiliyyətini artıraraq onların xarici bazarlara çıxarılmasına şərait yaradılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, iqtisadiyyatın çox şaxəli inkişaf etdirilməsi və sair bu qəbildəndir. 
Bəli, Azərbaycan dövləti təqribən 10 ilə yaxındır dünyanı ağuşuna alan iqtisadi çalxantıları bu illər ərzində ölkəsindən uzaq tuta bildi. Dünyanın illərdən bəri tanıdığı böhranı biz indi, 2016-cı ildə hiss eləməyə başlamışıq. Əslində, hazırda yaşananlar böhran deyil, bir keçid mərhələsi adlandırıla bilər. Bu gün qarşıda duran ən mühüm vəzifə bu keçid mərhələsinin mümkün olduqca az itkisiz, yumşaq və əhalinin bütün təbəqələrinin iqtisadi stabilliyini qorumaqla həyata keçirilməsidir.
Azərbaycan Respublikası Prezidentinin atdığı çevik və düşünülmüş addımlar, keçirdiyi müşavirələr və verdiyi tapşırıqlar, göstərdiyi qətiyyət cəmiyyətin müsbət və nikbin düşünməsinə əsas verir. Dövlət saat mexanizmi kimi dəqiq işləyir və yaranmış vəziyyətdən çıxış yollarına baş vurur. Lisenziyaların ləğv edilməsi, süni qiymət artımı ilə bağlı mübarizə mexanizmlərinin işə salınması, gömrük sektorunda islahatların sürətləndirilməsi, unun istehsalının, satışının əlavə dəyər vergisindən azad olunması, sahibkarlıq müəssisələrində qanunsuz yoxlamaların qarşısının alınması, məvaciblərin və təqaüdlərin artırılması və sair qəbul edərsiniz ki, nümunə olaraq göstərilə bilər. Bir sözlə, bu gün Prezident İlham Əliyev başda olmaqla Azərbaycan hökuməti problemlərin həlli istiqamətində səfərbər edilib və atılan bütün addımlar haqqında Azərbaycan ictimaiyyəti kifayət qədər məlumatlıdır. 
Görülən ilkin tədbirlər iqtisadiyyatın inkişaf etdirilməsinə, maliyyə sektorunda vəziyyətin stabilləşməsinə, bütövlükdə əhalinin sosial vəziyyətinin, sosial təminatının qorunub saxlanmasına yönəlik çox əhəmiyyətli addımlardır və cənab Prezidentin iradəsi də bütün bu növ islahatların sürətlənəcəyini göstərir. Lakin bu işdə hər birimizin qarşısında mühüm vəzifələr dayanır. Bu vəzifələr hamımızdan, hər bir Azərbaycan vətəndaşından ayıq-sayıqlıq, dövlətin ətrafında daha sıx birləşməyi tələb edir. 
Bu gün burada büdcə layihəsinə yenidən baxırıq və bütün çıxışlar, təklif edilən bir çox məsələlər onu göstərir ki, hər bir addım vəziyyətin tənzimlənməsinə xidmət edir. Görülməli olan işlər sırasında düşünürük ki, əhəmiyyətli olan məsələlərdən biri də ajiotaj yaranmasına imkan verməmək, baş verənlərin dünya hadisələri ilə düz mütənasib, əlaqəli olduğunu cəmiyyətə düzgün və yerində izah etməkdən ibarətdir. 
Eyni zamanda, onu da demək istərdim ki, Azərbaycan heç də bəzilərinin, bəzi fəlakət carçılarının düşündüyü kimi fəlakətlə qarşılaşmayıb. Real vəziyyətin dərin və bacarıqlı təhlili onu göstərir. Eyni zamanda, xüsusilə qeyd etmək istəyirəm ki, təqdim olunan büdcə layihəsi də onu göstərir ki, ölkədə qıtlıq, səfalət, sosial çöküş əsla yaşanmayacaq. Əksinə, ölkə keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyur və dediyimiz kimi, yeni bir mərhələnin başlanğıcındadır. Bu mərhələdə Azərbaycanın durmadan inkişafına yönəlik düşünülmüş addımlar, əlbəttə ki, hər birimizin ürəyincədir. Bu işlərdə bir yerdə olmalıyıq və dövlətin ətrafında sıx birləşməliyik. Sonda layihəyə səs verəcəyimi bildirirəm və digər deputat həmkarlarımı da ona səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elçin Quliyev. 
E.Quliyev. Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Dünyada mürəkkəb iqtisadi vəziyyətin davam etməsi, qabaqcıl ölkələrin maliyyə problemləri ilə üzləşməsi fonunda Azərbaycan iqtisadiyyatının və qeyri-neft sektorunun balanslaşdırılmış inkişafı, zəngin təbii sərvətlərdən və regionların potensialından səmərəli istifadə, quruculuq işlərinin geniş vüsət alması, innovativ və bilik iqtisadiyyatının formalaşdırılması, ölkəmizin dünya iqtisadiyyatına inteqrasiyasının sürətləndirilməsi son illərin əsas nailiyyətlərindəndir. 
Ölkə başçısı tərəfindən irəli sürülmüş sənayeləşmə siyasəti çərçivəsində son illər ərzində qeyri-neft sənayesində məqsədyönlü tədbirlər davam etdirilmiş, rəqabət və ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye komplekslərinin yaradılması istiqamətində zəruri işlər görülmüşdür. Qeyri neft sektorunda yeni istehsal sahələrinin açılması və yeni iş yerlərinin yaradılması, istehsal, nəqliyyat, kommunal infrastrukturun inkişaf etdirilməsi, müasir sosial infrastruktur müəssisələrinin yaradılması, o cümlədən yeni təhsil, səhiyyə, idman dayanıqlı müəssisələrinin inşası sözü gedən dövrdə bütövlükdə ölkəmizin dinamik və dayanıqlı yüksəlişinin əsasını təşkil etmişdir. 
Kənd təsərrüfatının inkişafının dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər idxaldan asılılığın minimuma endirilməsi və xüsusilə də ərzaq təhlükəsizliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. 
Təqdim olunmuş büdcə layihəsində Azərbaycan Respublikasının Dövlət Neft Fondundan dövlət büdcəsinə 7 milyard 615 milyon manat vəsaitin trasferti nəzərdə tutulmuşdur ki, bu da 2015-ci illə müqayisədə 2 milyard 773 milyon manat azdır. Təbii ki, bu da dünya bazarında neftin qiymətinin kəskin aşağı düşməsi ilə əlaqədardır. 
Ümumiyyətlə, büdcə layihəsində proqnozlaşdırılan əlavə vergi daxilolmalarının qeyri-neft sektorunun hesabına olması və bu sektordan vergi daxilolmalarının 2016-cı il üçün təsdiq olunmuş proqnozla müqayisədə 12,2 faiz, 2015-ci ilin operativ icra göstəricisi ilə müqayisədə 7,4 faiz çox olması müsbət amillərdəndir. 
Hazırkı şəraitdə dövlət büdcəsi xərclərinin 18 milyard 495 milyon manat təşkil etməsi və 2016-cı ilin təsdiq olunmuş xərclərinə nisbətən 13,7 faiz artması xüsusilə qeyd edilməlidir. Sosial tədbirlərin maliyyə təminatı üçün dəqiqləşdirilmiş dövlət büdcəsinin xərclərinə əlavə olaraq 1 milyard 279 milyon manat vəsaitin nəzərdə tutulması təqdim olunmuş büdcənin sosialyönümlü olmasını bir daha sübut edir. Diqqətinizə görə minnətdaram və həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli qonaqlar, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! İndiki çətin şərtlər altında bundan daha mükəmməl bir büdcə layihəsinin hazırlanmasını mən, doğrudan da, mümkünsüz sayıram. Amma düşünürəm, hökumətin imkanları var idi ki, özəlləşdirməni genişləndirmək şərti ilə büdcədə bu gəlirləri xeyli dərəcədə artırsın. Azərbaycan Respublikasının Prezidenti artıq bu məsələni hökumət qarşısında ciddi şəkildə qoyub, dəfələrlə parlamentdə də bu məsələ millət vəkilləri tərəfindən hökumət qarşısında qaldırılıb. İndi cəmi 100 milyon manatlıq bir özəlləşdirmə nəzərdə tutulur ki, o da Hesablama Palatasının hazırladığı rəydən bəlli olur. Yəni hökumətin təqdim etdiyi layihədə bu görünmür. Büdcədə 1,6 milyard manat kəsir var. Bunun 100 milyon manatının özəlləşdirmə hesabına bağlanması nəzərdə tutulur.
Ziyafət müəllim, mən dəfələrlə söyləmişəm ki, son illər ərzində çoxlu sayda idman, olimpiya kompleksləri, səhiyyə obyektləri tikilib. Bir neçə ildən sonra hökumət bunların saxlanması və təmiri üçün vəsait tapmayacaq. Nə qədər ki, onlar dağılıb getməyib, dəyərini itirməyib özəlləşdirmək lazımdır. Xüsusilə də tibb sahəsində müayinə cihazları az qala hər ay təkmilləşir, yeniləşir. Gələcəkdə bu sahənin yeni avadanlıqla, yeni cihazlarla təmin etmək üçün vəsait tələb olunacaq. Buna görə də onları özəlləşdirmək lazımdır. Musa müəllim söylədi, əhalinin yoxsul təbəqəsinə də icbari tibbi sığorta tətbiq olunmalıdır və onlar dövlət hesabına sığorta olunmalıdırlar. Universitetlər özəlləşdirilməlidir. Yəni biz bunları indi etməliyik. Gözləməməliyik ki, onları təmir etməyə dövlət vəsait tapmayanda özəlləşdirməni həyata keçirək və həmin müəssisələri su qiymətinə verək. 
Vaxtı ilə regionlarda aeroportlar tikiləndə mən demişdim ki, Azərbaycan balaca bir ölkədir, regionlarda aeroport tikməyə nə ehtiyac var? Lənkəranda aeroport tikiləndə dedim ki, yaxşı olar, orada bir dənə velosiped zavodu tikilsin. Hər il Azərbaycana 100 min velosiped gətirilir. Yaxud Zaqatalada aeroport tikiləndə dedim ki, orada bir şirniyyat məmulatı fabriki tikilsə, daha yaxşı olar. Azərbaycana xaricdən nə qədər şirniyyat məmulatları gətirilir. İndi heç olmasa, regiondakı o aeroportlar özəlləşdirilməlidir ki, Azərbaycanda “AZAL” ilə həmin aeroportlar arasında bir rəqabət mühiti yaransın. Yeni aviakompaniyalar yaradılmalıdır. Yəni hökumət ciddi şəkildə bu işlərlə məşğul olmalıdır ki, vəziyyəti dəyişə bilək. 
Hazırda sahibkarlar gözləmə mövqeyi tutublar, 36 faiz rüsum həddindən artıq çoxdur. İdxalla məşğul olan sahibkarlar gözləyirlər ki, hökumət rüsumları aşağı salsın, onlar ölkəyə mal gətirsinlər. İqtisadiyyata əsaslı kapital qoyub müvafiq yeni istehsal, emal müəssisələri yarada biləcək sahibkarların da kreditlərə çıxışı çox çətindir. Azərbaycan bankları artıq etiraf edirlər ki, manatla kredit vermirlər. Bu, müstəsna hallarda baş verir. Dollarla da kredit götürmürlər. Sahibkarlarda hələ də növbəti devalvasiyanın olmayacağına əminlik yoxdur. Ona görə də hökumət bu barədə düşünməlidir. 
Şəxsən məndə millət vəkili, uzun illər parlamentdə oturan bir şəxs kimi əminlik yoxdur. Məsələn, bizim iqtisadiyyat naziri Şahin müəllimin baş verənlərdən bir anlayışı varmı? Yaxud bundan çıxış yolları barədə fikirləri varmı? Mənim üçün qaranlıqdırsa, yəqin ki, sahibkarlar üçün, ümumiyyətlə, zülmətdir. Onun üçün də İqtisadiyyat Nazirliyi ictimaiyyətə açıqlama verməlidir ki, bu problem necə yaranıb və bundan çıxış yollarını nədə görürük? Bu problemi elə bir şəkildə aradan qaldırmalıyıq ki, insanlar inansın və iqtisadi təşəbbüskarlıq yaransın. Sözün doğrusu, biz bunu edə bilməyəcəyiksə, düşünürəm ki, vəziyyətdən çıxmaq xeyli dərəcədə çətin olacaqdır. 
Bundan başqa, hökumət üzvlərinin buradaca olmasından istifadə edib qeyd etmək istəyirəm ki, dünən cənab Prezident 17 yaşlı futbolçular arasında keçirilən çempionatın final mərhələsinin Azərbaycanda keçirilməsi ilə əlaqədar sərəncam imzaladı, 2 milyon da vəsait ayırdı. Futbol çox populyar bir idman növüdür. Amma Bakı Futbol Akademiyasının icraçı direktoru yazır ki, çox böyük perspektivləri olan 300 gəncin futbolla məşğul olduğu klub maliyyə çatışmazlığından bağlanır. Hökumət bu məsləyə diqqət yetirməlidir. Biz imkan verməməliyik ki, həmin futbol klubu tamamilə bağlanıb sıradan çıxsın. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, bayaq mən Fazil müəllimin çıxışı ilə bağlı fikrimi bildirdim. Azərbaycanda iqtisadi böhran yox, iqtisadi çətinliklər var. Bu iqtisadi çətinliklərdən çıxmaq üçün də hökumətin dəqiq konsepsiyası var. İslahatlar nəticəsində siz bunun da şahidi olacaqsınız. Fuad Muradov. 
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, büdcə bizdə tam əminlik yaradır ki, hökumətin proqramı da var, bu istiqamətdə siyasəti də. Sadəcə olaraq, bizim ümumi bir problemimiz var, o da onun təqdimat məsələsidir. Həyata keçirilən islahatlar göz qabağındadır, cənab Prezidentin tapşırığı ilə çox ciddi bir konsepsiya hazırlanır. Bu işlər gedir, sadəcə olaraq, ola bilsin ki, ictimaiyyətə düzgün çatdırılmır və bəzən də heç çatdırılmır. 
Ziyafət müəllim, mən də Sizinlə razıyam ki, Azərbaycanda bərbad vəziyyət yoxdur və bu sahədə intensiv işlər görülür. Bu gün büdcəni müzakirə edirik. Bu elə onun sübutudur ki, hökumətin planı var və biz ona uyğun olaraq təcili şəkildə yeni büdcəyə baxırıq. Ona görə düşünürəm ki, danışanda bir az diqqətli olmalıyıq və çalışmalıyıq ki, konkret təkliflərimizi irəli sürək. Yəni büdcə Milli Məclisin iclasına çıxarılıb, gəlin, təkliflərimizi irəli sürək. 
Bərbad vəziyyət Venesuelada, digər ölkələrdədir, ora baxmaq lazımdır. Bu gün Azərbaycanda ərzaq qıtlığı yoxdur. Bütün istiqamətlərdə hökumətin planı icra olunur. İndi icra mexanizmi bizi tam qane etməsə də, bu proses gedir. Ona görə biz burada konkret təkliflər verməliyik. 
Mənim Samir müəllimə sualım var. Bayaq Musa müəllim də bu məsələyə toxundu, uzun müddətdir ki, ƏDV ilə bağlı müzakirələr aparırıq. Mən istərdim ki, biz bunu iki mərhələyə bölək. Birinci mərhələ odur ki, əgər tibbi avadanlıqlardan söhbət gedirsə, onların ƏDV-dən azad olunması lazım deyil. Yəni tibbi avadanlığın istifadəsi xəstəxana, özəl şirkətlər tərəfindən həyata keçirilir. Onların ƏDV-dən azad olunması mənə elə gəlir ki, bizə ziyan olar. Amma sərf olunan materiallar və dərmanlarla bağlı dünyada praktika var. Yəni onlar ya ƏDV-dən azad olunmalıdır, ya da aşağı salınmalıdır. Eyni zamanda, bu xərclər xəstələrin üzərinə düşür. Ona görə biz bunu nəzərə almalıyıq. 
Təbii ki, icbari sığorta tam işləsə, bu məsələ də aradan qalxar. Amma bu gün tibbi avadanlığın ƏDV-dən azad olunmasına heç bir ehtiyac yoxdur. Mən bilirəm ki, yeni büdcədə bu nəzərdə tutulur və çox düzgün addımdır. Ona görə Samir müəllimdən xahiş edərdim ki, bu məsələyə bir də baxılsın. Biz hansı istiqamətdə gedirik? ƏDV-dən tam, yoxsa digər ölkələrin təcrübəsindən istifadə edərək müəyyən qədər azadolma? 
Növbəti deyəcəyim məsələ, insanların dövlət qurumlarından işdən çıxarılması ilə bağlıdır. Bu, zəncirvari bir prosesdir. Əgər dövlət qurumunda çalışan fəhlə işdən çıxarılırsa, deməli, o nə vergi ödəyir, nə də dövlətin iqtisadi siyasətinə kömək edir. O, işsiz qalır. Həm də sosial narazılıq yaranır. Ona görə mən düşünürəm ki, dövlət qurumlarına ciddi tapşırıq verilməlidir ki, fəhləyə, orta sinfə, – ümumiyyətlə, orada heç böyük maaşlar da yoxdur, – xüsusi diqqətlə yanaşılsın. Təbii ki, yeni iş yerlərinin açılması prioritet məsələdir. Mən də bununla razıyam ki, kənd təsərrüfatı sahəsində bizim yaxşı imkanlarımız var, amma ondan tam istifadə olunmur. İndi bunun səbəblərini yəqin ki, hökumət üzvləri, ölkə başçımız da bilir. Mənə elə gəlir ki, bu istiqamətdə də ciddi addımlar atılacaq. 
Mən müsbət məsələdən danışmaq istəyirəm. Bilirəm ki, ipotekaya yanaşma dəyişib, bura daha çox məbləğ ayrılıb. Cənab Prezident bununla bağlı xüsusi fikrini də bildirdi. Samir müəllimin diqqətinə çatdırmaq istəyirəm ki, tikinti sektorunun inkişafı müəyyən mərhələdə büdcəyə kömək edə bilər. Dövlətin bu sahə ilə bağlı geniş imkanları var. Yer, torpaq var, ora investisiya cəlb etmək üçün yaxşı imkanlar mövcuddur. Biz, təbii ki, hökumətin hesabatında buna yenə də qayıdacağıq və mən çox istərdim ki, bununla bağlı müəyyən bir prioritet məsələ seçilsin. 
Sonuncu deyəcəyim məsələ sosial yardımla bağlıdır. Açığı, bugünkü sosial yardım sistemi, mənə elə gəlir ki, bizə uyğun deyil. Biz onu daha da mükəmməlləşdirməliyik. Sadəcə olaraq, insana hər ay 40, 50, 100 manat pul vermək məsələnin həlli deyil. Bu, eyni zamanda, büdcəyə də əlavə xərcdir. Bunun digər yolları düşünülməlidir ki, insanlar o maliyyəni müəyyən işə, xüsusən də kənd təsərrüfatı istiqamətinə yönəldə bilsinlər. Mən büdcəni dəstəkləyəcəyəm, hökumətə təşəkkürümü bildirirəm. Sağ olun. 

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri 
O.Əsədov sədrlik edir
 
Sədrlik edən. Deməli, hələ çıxış etmək istəyən 8 nəfər var. Bir nəfərə söz verə bilərik. Əgər etiraz yoxdursa, sonra da Samir müəllimə söz verək və gündəliyin birinci məsələsini səsə qoyaq. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Buyursun Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar, əziz media nümayəndələri! Bu gün biz burada 2016-cı ilin dövlət büdcəsi haqqında qanuna dəyişikliyi müzakirə edirik. Öncədən onu deyim ki, layihə hazırkı şərait üçün ən optimal variantdır. Mən də sənədə səs verəcəyəm, ancaq bir məsələnin üzərində dayanmaq istərdim. Ötən çıxışımda da bu barədə danışmışdım. 
Məlumdur ki, iki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Ümumən, KİV-lərimizin satışı çox zəifdir, reklam gəlirləri də kifayət qədər aşağıdır. Ölkə və xarici KİV-lərin illik büdcəsinin təqribən 70 faizə qədəri Azərbaycan Respublikasının Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu hesabına formalaşır. 
Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində hələ oturuşmayıbdır. Ona görə də kommersiya qurumları kimi fəaliyyət göstərə bilmirlər. Onlar daha çox ictimai missiya yerinə yetirirlər. Bu missiya indiki şəraitdə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Ona görə də KİV-lərimiz qarşılaşdığımız iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. 
Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Qeyd etdiyim kimi, daxildə ictimai rəyin düzgün şəkildə formalaşdırılması vacibdir. Buna görə də medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır. 
Növbəti bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, ölkəmizə kənardan maraq heç də az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir, əlavə nəyi isə vurğulayıb vaxtınızı almaq istəməzdim. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansı isə başqa maliyyə vasitələrini mediaya yönəldə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq. 
Hörmətli cənab Sədr, bir məsələyə də toxunmaq istəyirəm, o da demək olar ki, bununla bağlıdır. Cəmiyyətdə internet üzərindən yayımlanan media vəsaitlərinin rolu və sayı getdikcə artmaqdadır. Bu gün o, ölkə daxilində ictimai fikri formalaşdıran, xaricdə Azərbaycanın müsbət imicini yaradan və çeviklik təşkil edən informasiya vasitələrindəndir. Çalışmalıyıq ki, onlar bu missiyanı indikindən də çevik yerinə yetirə bilsinlər. Dünyada informasiya müharibəsi gedir, biz də onun içərisindəyik. Buna görə də online medianın dövlət dəstəyindən bəhrələnməsi zəruriliyini burada vurğulamaq istəyirəm. Hörmətli cənab Sədr, əgər KİVDF-yə ayrılacaq maliyyə artırılarsa, elə bilirəm ki, online jurnalistikanın da maliyyələşməsinə imkan yaranacaqdır. Diqqətinizə görə çox sağ olun və mən qanun layihəsinə səs verəcəyəm.  
Sədrlik edən. Sağ olun. Samir müəllim, bir-iki kəlmə demək istəyirsinizsə, buyurun.
S.Şərifov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk növbədə, hamınıza təşəkkürümü bildirmək istərdim ki, dövlət büdcəsi haqqında qanuna edilən dəyişiklikləri belə konstruktiv şəkildə müzakirə etdiniz. Burada qaldırılan bir çox məsələlər Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlıdır. Sizi tam əmin etmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin verdiyi tapşırıqlara əsasən xammal ixrac edən dövlətlərin iqtisadiyyatlarında olan mənfi fəsadlar nəzərə alınmaqla hökumət tərəfindən bu istiqamətdə müvafiq işlər görülür və bundan sonra da görüləcəkdir. 
Bildiyiniz kimi, artıq Milli Məclis tərəfindən bir sıra qanunlar qəbul edilib. Bəzi vergi güzəştlərinin verilməsi ilə əlaqədar məsələlər də bu qəbildəndir. Bununla da bir daha sahibkarlığın inkişafına dövlət tərəfindən dəstək verilir. 
Burada suallar səsləndi ki, dövlət büdcəsinin xərclərinin artımı nəyin hesabına təmin olunur və bu artımlar sahibkarlara əlavə təzyiqlər yaradacaqmı, bunlar vergi yükünün artırılmasına gətirib çıxaracaqmı? Bu suallara cavab olaraq təkcə onu qeyd etmək istərdim ki, bu məsələlər aidiyyəti dövlət orqanları tərəfindən yaxından təhlil edilib.
Burada biz həmişə sahibkarların vergi yükü məsələlərini nəzərə alırıq. Bildiyiniz kimi, sadələşdirilmiş vergi artıq 120 mindən 200 minədək artırılmışdır. Bir sıra sahələrdə yeni qəbul edilmiş Vergi Məcəlləsi əsasında sadələşdirilmiş vergi sistemi tətbiq olunur. Söhbət ictimai iaşədən və ticarətdən gedir. Bütün bunlar sahibkarların vergi yükünün azaldılmasına və sahibkarlığın canlanmasına yönəlmiş tədbirlərdir. 
Eyni zamanda, biz mövcud reallıqları da gizlətmirik. Deputat Fazil Mustafa öz çıxışında müxtəlif iradlar irəli sürdü. Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş sənəddə də, dövlət büdcəsinə edilən düzəlişlərlə bağlı izahatda da bu məsələlər tam şəffaf və açıq şəkildə öz əksini tapmışdır. Sahibkarlığın inkişafında mövcud olan müəyyən problemlərin həlli yollarını axtarırıq və müvafiq tədbirlər görürük.
Burada biz bir şeyi nəzərə almalıyıq ki, manatın məzənnəsinin ucuzlaşması, heç şübhəsiz, ölkədə manatla fəaliyyət göstərən təşkilatların gəlirlərini bir qədər artırır. Nəticədə fiskal orqanlarımız, həm Dövlət Gömrük Komitəsi, həm də Vergilər Nazirliyi həmin gəlirlərin artması hesabına əlavə daxilolmalar əldə etmək imkanları qazanırlar.Tibb avadanlıqlarının ƏDV-dən azad edilməsi və digər güzəştlərin tətbiq edilməsi məsələsinə də baxacağıq. Mən bu gün konkret bir fikir söyləmək istəməzdim. Təkcə onu qeyd etmək istərdim ki, yeni təqdim olunmuş dəyişikliklər imkan verir ki, avadanlığı gətirən, müəyyən tələblərə cavab verən şirkətlər 7 ilə qədər rüsumlardan azad edilsin. Eyni zamanda, onlara mənfəət vergisi üzrə 50 faizə qədər güzəştlər də verilir. Hesab edirəm ki, bunlar çox inqilabi dəyişikliklərdir və sahibkarlara əlavə stimullar verilməsinə hesablanmışdır. 
Ümumiyyətlə, bir daha qeyd etmək istərdim ki, bu dəyişikliklər proseslərin Azərbaycana mənfi təsirlərinin aradan qaldırılmasına yönəlib. Burada neftin qiymətinin aşağı enməsi ilə bağlı fikirlər səsləndi. Bu prosesdən təkcə Azərbaycan əziyyət çəkmir. Burada söylənən fikirlərlə qətiyyən razı deyiləm. Qonşu dövlətlər də həmin problemlə, yerli valyutalarının ucuzlaşması prosesi ilə üzləşiblər. 
Qeyd etmək istərdim ki, təkcə xammal, nefti ixrac edən ölkələr deyil, eyni zamanda, nefti, neft məhsullarını idxal edən ölkələr də devalvasiya problemləri ilə üzləşiblər. Amma bu ölkələrin tədiyə balansında müsbət proseslər baş verməli idi. Neftin qiyməti, yəni onların idxal etdiyi məhsulun qiyməti aşağı düşdükdə onların iqtisadiyyatı bundan bəhrələnməli idi. Amma görürük ki, bu ölkələrin iqtisadiyyatında xeyli mənfi proseslər baş verir. 
Artıq bütün iqtisadçılar qəbul edir ki, çox ucuz neft, çox ucuz enerji daşıyıcıları hələlik dünya qlobal iqtisadiyyatı üçün müsbət faktor deyil. Yəni burada həm istehlakçılar, həm istehsalçılar arasında kompromis qiymət formalaşmalıdır. Bugünkü qiymət gördüyünüz kimi, qlobal iqtisadiyyatda xeyli təlatümlü vəziyyət yaratmışdır və bu, fond indekslərinin kütləvi şəkildə aşağı enməsində özünü büruzə verir. Bu, bir sıra nəhəng dövlətlərin iqtisadiyyatında xeyli mənfi proseslərin yaranmasına səbəb olmuşdur. 
Hesab edirik ki, Azərbaycan da dünya iqtisadiyyatının tərkib hissəsi olaraq bu proseslərdən kənarda qala bilməz. Əfsuslar olsun ki, bunun mənfi təsirləri hazırda Azərbaycanda da hiss olunur. Lakin bizdə müvafiq tədbirlər götürülür və güman edirəm ki, bu çətinliklər müvəqqəti xarakter daşıyır. Dövlət başçısının tapşırıqları əsasında hökumətin gördüyü tədbirlər həmin proseslərin mənfi fəsadlarının ölkə əhalisinə təsirinin minimuma endirilməsinə gətirib çıxaracaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, “Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.09 dəq.)
Lehinə 103
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Etiraz yoxdursa, iclası tənəffüssüz keçirək. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda gündəliyin ikinci məsələsinə keçirik. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında” Qanuna dəyişiklik edilməsi barədə qanun layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, dəyərli hökumət üzvləri, xanımlar və cənablar! Qlobal böhran beynəlxalq aləmdə bütün ölkələrin sosial-iqtisadi durumunda özünü bir sıra tendensiyalarla büruzə verir. Dünya bazarında neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi artıq iki aydır ki, Azərbaycan manatını da devalvasiyaya uğratmışdır. Əlbəttə, ölkənin sosial həyatına, iqtisadiyyatına hiss oluna biləcək qədər təsir göstərəcək bu amil və onun nəticələri ötən qısa müddət ərzində dövlət başçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən nəzarətə götürüldü və sosial müdafiə yönümlü ardıcıl, sistemli tədbirlər həyata keçirilməyə başlandı. Möhtərəm Prezidentimizin  10 və 26 yanvar tarixli proqram xarakterli çıxışlarında qarşıda duran yaxın və gələcək antiböhran, postneft dövrü vəzifələrinin baş istiqamətləri müəyyənləşdirildi. 
Bunların bəzilərini yada salmağı özümə borc bilirəm. Başlıca məqsəd Azərbaycan vətəndaşının sosial müdafiəsinin gücləndirilməsi, əmək tutumlu iş yerlərinin yaradılması, bank-kredit, maliyyə-investisiya sisteminin təkmilləşdirilməsi, hüquqi bazanın bugünkü reallıqlara uyğunlaşdırılması və digərləridir. Məhz bu baxımdan parlamentdə müvafiq tədbirlər həyata keçirilmiş, Milli Məclisin 19 yanvar tarixli fövqəladə sessiyası çağırılmış, komitə iclasları keçirilmişdir. Bu gün də hamımızın iştirakı ilə ölkənin ali maliyyə qanunlarına yenidən baxılır. 
Müzakirələrdən aydın oldu ki, təqdim olunan büdcənin mədaxil hissəsi məxaric hissəsindən 1 milyard 673 milyon manat azdır. Beləliklə, büdcə kəsiri təxminən 10 faizə qədərdir. Büdcədəki bu rəqəmləri müqayisəli təhlil etsək, görərik ki, bütövlükdə xərclərin, məxaricin cəmi 7,3 faiz artmasına baxmayaraq, sosial müdafiə və təminat xərcləri büdcə cədvəlində 43 faizdən çox artmışdır. Qaçqın və məcburi köçkünlər üçün nəzərdə tutulan vəsaitlər də artım baxımından təqdirəlayiqdir. 
İqtisadi təsnifat üzrə bölmədə əsas artım təqaüdlər və sosial müavinətlər bölməsində nəzərdə tutulmuşdur. Burada təxminən 211,5 milyon manat artım nəzərdə tutulub ki, bu da cəmdə 2 milyard manata yaxındır. Bu bir daha onu göstərir ki, ölkə başçısı gərgin, kəsirli büdcə paketində belə, Azərbaycan vətəndaşını, onun sosial müdafiəsini önə çəkmiş, daim diqqət mərkəzində saxlamışdır. 
Hörmətli həmkarlarım, ölkənin icmal büdcəsinin bütöv maliyyə toplumunun böyük hissəsi Dövlət Sosial Müdafiə Fondunun payına düşür. Məhz bu büdcənin maddələrinə yenidən baxılması daha böyük həssaslıq və diqqət tələb edir. Qeyd olunmalıdır ki, Dövlət Sosial Müdafiə Fondunun düzəliş edilmiş büdcəsinin mədaxil və məxaric hissəsi 3 milyard 307 milyon 360 min manat təşkil edir. Bu da əvvəl nəzərdə tutulmuş büdcədən 228 milyon 789 min manat çoxdur. 
Artımın, əsasən, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayırmalar hesabına müəyyənləşmişdir. Eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun kollektivinin yerlərdə olan bölmələrinin sığorta yığımını artırmaq istiqamətində atdıqları prinsipial və ardıcıl addımlar da bu büdcənin mədaxil hissəsinin artırılmasında müsbət rol oynayacaqdır. 
Qeyd edilənlər onu göstərir ki, pensiyanın baza hissəsini müəyyənləşdirən ölkə rəhbəri bu fərqi də balanslaşdırmış və kəsirin böyük bir hissəsini dövlət büdcəsindən ayırmağı məqsədəmüvafiq hesab etmişdir. Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin artım hissəsi özünü, əsasən, əhaliyə əmək pensiyalarının ödənilməsində, uşaqlarla bağlı müavinətlərdə və əmək qabiliyyətinin müvəqqəti itirilməsi bəndlərində təsbit etmişdir. 
Dövlət başçısının daim səsləndirdiyi və sosial siyasət sahəsində çalışan bütün qurumlar üçün prioritet olan yeni iş yerlərinin açılması və işsizliyə qarşı mübarizə problemləri ilə bağlı maddələrdə rəqəmlərin artımı daha çox öz əksini tapmışdır. Belə ki, devalvasiyaya qədərki büdcədə işsizliyə görə müavinətlərin həcmi 6 milyon manatdan bir qədər çox idisə, hazırkı büdcədə bu rəqəm 2,5 dəfə artırılmış, 15 milyon 270 min manat təşkil etmişdir. Bu da imkan verəcək ki, biz işsiz əhalinin daha böyük hissəsini müavinətlərlə təmin edək. 
Büdcə layihəsi komitə iclasında müzakirə olunarkən deputatlar, məsələ ilə əlaqəsi olan icra strukturlarının rəhbərləri çıxış edərək sənədin bugünkü reallıqlar baxımında ən optimal variant olduğunu xüsusilə vurğuladılar. O da qeyd olundu ki, dünyanın tanınmış maliyyə ekspertləri və politoloqları da ölkəmizdə belə bir durumda sosial müdafiə və iqtisadi inkişafa yönəlmiş addımları yüksək qiymətləndirir və hesab edirlər ki, nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi müsbət perspektivlər vəd edir. 
Deputatlar, eyni zamanda, sosial müdafiə məqsədlərinə ayrılan vəsaitlərdən indiki vəziyyətdə daha səmərəli istifadə yollarını da səsləndirdilər. Qeyd olundu ki, az məsrəflərlə neqativ halları  yarada bilən səbəbləri aradan qaldırmaqla biz daha çox uğur qazana bilərik. Bir misalı vurğuladılar. Günbəgün çoxalan şəkərli diabet xəstəliklərinin müalicəsi və qarşısının alınmasına, xüsusən bu qrupdan olan məktəbyaşlı uşaqlar üçün az miqdar əlavə vəsait ayrılarsa, biz gələcəkdə baş verə biləcək bir neçə fəsadlı əlilliyin qarşısını alar, bu səbəblərdən vaxtından tez əmək pensiyasına çıxanların, müavinət alanların sayını xeyli azaldarıq. Nəticədə dövlətin və Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə qat-qat çox qənaət etmiş olarıq. 
Sonda, deputat həmkarlarım, sizin hamınızı fondun 2016-cı il üçün düzəliş edilmiş büdcəsinə səs verməyə çağırır və əmin olduğumu bildirmək istəyirəm ki, bu göstəricilər əhalinin sosial cəhətdən daha az qorunan hissəsinin bugünkü reallıqlara cavab verən tələblərinə adekvat olacaqdır. Diqqətinizə görə minnətdaram. 
 
Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin 
birinci müavini Z.Əsgərov sədrlik edir
 
Sədrlik edən. Sağ olun, Hadi müəllim. İndi isə Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyevə söz verilir. Buyurun.
E.Mehdiyev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi çoxşaxəli fəaliyyət əsasında bütün istiqamətlərdə reallaşdırılan islahatlar ölkəmizi ahəngdar inkişafa malik modern dövlətə çevirmiş, eyni zamanda, müasir qloballaşan dövrün ağır sınaqlarına və iqtisadi xüsusiyyətlərinə cavab verən çevik, sosial müdafiə mexanizmlərini formalaşdırmışdır. Respublikamızda yaradılmış möhkəm iqtisadi təməlin ifadəsi kimi müasir prinsiplər əsasında fəaliyyət göstərən sığorta-pensiya sisteminin iqtisadi mühitə inteqrasiyası prioritet təyin olunmuş, ölkə iqtisadiyyatında sosial sığortaya cəlb olunan gəlirlərin artımı pensiya sisteminin maliyyə dayanıqlığını əhəmiyyətli şəkildə yüksəltmişdir. 
Mürəkkəb, qlobal iqtisadi proseslər fonunda Azərbaycan iqtisadiyyatının dayanıqlığının göstəricisi kimi  Dövlət Sosial Müdafiə Fondunun ötən il üzrə daxilolmalarının artım səviyyəsi hər ay pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan vermiş, bununla yanaşı, fond hesabat ilini 108 milyon manat sərbəst vəsait qalığı ilə başa vurmuşdur. 
Cari ilin əvvəlindən etibarən ölkə başçısının qəbul etdiyi ardıcıl qərarlarla əmək qabiliyyətli əhalinin məşğulluğunun təmin edilməsi sahəsində əlavə tədbirlərin görülməsi, büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarının, pensiya və müavinətlərinin artırılması Azərbaycanın milli iqtisadiyyatının sosial yönümlülüyünü daha da gücləndirmişdir. 
Hörmətli millət vəkilləri, bu sırada olan əmək pensiyalarının baza hissəsinin artırılması ilə bağlı Azərbaycan Respublikası Prezidentinin sərəncamına əsasən qulluq stajına görə əmək pensiyasına əlavə alan şəxslər istisna olmaqla qalan 1 milyon 223 min nəfərin pensiyasının baza hissəsi fevralın 1-dən 10 faiz artırılaraq 110 manata çatdırılmışdır. Güzəştli kateqoriyaya aid 146 min nəfərin pensiyasının baza hissəsinə daha çox, yəni 11 manatdan 25 manatadək artım tətbiq olunmuşdur. 
Bununla yanaşı, Pensiyaların sığorta hissəsinin indeksləşdirilməsinə dair Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən bütün əmək pensiyalarının sığorta hissəsində ötən ilin istehlak qiymətləri indeksinə uyğun 4 faiz artım tətbiq edilmişdir. Dövlət Sosial Müdafiə Fondu hər iki sərəncamın icrasından irəli gələn vəzifələri avtomatlaşdırılmış rejimdə tam yerinə yetirmişdir. Respublikanın bütün rayon və şəhərləri üzrə fevral ayının pensiyaları artım məbləğləri ilə birlikdə qrafikdən əvvəl ödənilmişdir. 
Hörmətli millət vəkilləri, pensiyaların qeyd olunan artımı, eləcə də sosial sığorta müavinətlərinin artırılması ilə bağlı qəbul olunmuş qərarlar, Dövlət Sosial Müdafiə Fondunun xərclərinin əmək haqlarının artımına əsasən yaranan yeni sosial sığortalanma mənbələri və maliyyə təminatı üçün əlavə dövlət dəstəyi fondun gəlirlərinin təsdiq olunmuş göstəricilərinə yenidən baxılmasını şərtləndirmişdir.  Bu məqsədlə diqqətinizə təqdim olunan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində fondun gəlirləri və xərcləri 3 milyard 307 milyon manat proqnozlaşdırılır ki, bu da 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 228,8 milyon manat və ya 7,4 faiz çoxdur. Gəlirlərin gözlənilən artımının 82,8 milyon manatı və ya 36,2 faizi məcburi dövlət sosial sığorta haqları, 146 milyon manatı və ya 63,8 faizi dövlət büdcəsindən ayrılacaq transfert hesabına təmin ediləcəkdir. 
2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsində əhaliyə ödənişlər 3 milyard 239 milyon manat nəzərdə tutulur ki, bu da təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,6 faiz və ya 227,8 milyon manat çoxdur. Əmək pensiyalarının ödənişi xərcləri 3 milyard 136 milyon olmaqla 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 7,3 faiz və ya 212,5 milyon manat artımla proqnozlaşdırılır. 
Xərc artımında əmək pensiyalarının baza hissəsinin və baza hissəsinə əlavələrin yenidən hesablanması, müəyyən kateqoriyadan olan hərbi qulluqçu və xüsusi rütbəli şəxslərin vəzifə maaşlarındakı artıma müvafiq qulluq stajına görə əmək pensiyalarına əlavələrin artırılması, eləcə də əmək pensiyalarının sığorta hissəsinin indeksləşdirilməsi xərclərinin dürüstləşdirilməsi nəzərə alınmışdır. 
Layihədə məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətin bütün növləri üzrə də artım proqnozlaşdırılmışdır. Müavinətlərin ödənişi xərcləri 102,9 milyon manat olmaqla, 2016-cı il üçün təsdiq olunmuş proqnoz göstəricisinə nisbətən 17,5  və ya 15,3 milyon artımla nəzərdə tutulmuşdur. 
Pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri 0,9 milyon manat və ya 4,5 faiz artırılmış, bu istiqamət üzrə xərclər 20,1 milyon manat, ilkin məbləğə qarşı 21 milyon manat nəzərdə tutulmuşdur. 
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsinin təklif edilən variantda qəbulu ölkəmizin sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının daha da artırılmasına və pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsinə əlavə imkanlar yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
 
Azərbaycan Respublikası  Milli Məclisinin Sədri 
O.Əsədov sədrlik edir
 
Sədrlik edən. Sağ olun. Müzakirəyə başlayırıq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən büdcə ilə bağlı yazılmışdım, amma vaxt çatmadı. Ona görə hər iki məsələ ilə bağlı fikirlərimi bildirəcəyəm. Burada bir neçə həmkarım Azərbaycanda iqtisadi böhran olması və digər məsələləri ortaya atdılar. Tamamilə yanlış fikirdir. 
Hörmətli Ziyafət müəllim də bu məsələyə toxundu. Neftdən gələn gəlirlərdən ən uğurlu şəkildə istifadə edilərək Azərbaycanda həm sosial sahənin, həm də iqtisadi sahənin inkişafı tam şəkildə həyata keçirilib. Təsəvvür edin, bu müddət ərzində Azərbaycanda 3000 məktəb, 600 xəstəxana, idman kompleksləri, körpülər tikilib, yollar çəkilib, mədəniyyət obyektləri təmir olunub, emal müəssisələri, texnoparklar yaradılıb ki, bu gün bunların hamısı istifadədədir. Burada insanlar çalışır.
Azərbaycan ən uğurlu sosial siyasət yeridən bir ölkədir. Cənab Prezident çıxışında qeyd etdi ki, hansı sahədən kəsilir-kəsilsin sosial sahəyə vəsait artırılmalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasında göstərildiyi kimi, Azərbaycan sosial dövlətdir. Məhz bu baxımdan da biz daim sosial sahədə artımların şahidi oluruq. Bu yaxınlarda pensiyaların yenidən artırılmasının şahidi olduq. 
Mən bir neçə məsələyə toxunmaq istəyirəm. Sosial sahədə  Elman müəllimin  rəhbərliyi altında Dövlət Sosial Müdafiə Fondunda çox yaxşı islahatlar aparılır. Mən deyərdim ki, MDB ölkələri içərisində bu sahədə ən yaxşı islahatlar Azərbaycanda həyata keçirilir. Amma onların da özlərinə məxsus çətinlikləri var. Samir müəllim də burada iştirak edir. Düzgün verilməyən statistika nəticəsində  Dövlət Sosial Müdafiə Fondunda kəsirlər yaranır. Tutaq ki, İqtisadiyyat Nazirliyi və yaxud da Dövlət Statistika Komitəsi məlumat verir ki, bu qədər müəssisə açılıb, bu qədər işçi çalışır. Nəzərdə tutulur ki, Dövlət Sosial Müdafiə Fondu bu qədər hissəni o müəssisələrdən yığmalıdır, digər hissə isə dövlət büdcəsindən ora transfert olunmalıdır. Nəticədə nə o müəssisə ortaya çıxır, nə işçilərin sayı düz gəlir, nə də onların ödədiyi sosial müdafiə faizi. Elə müəssisələr olur ki, orada iş mövsümü xarakterlər  daşıyır və dərhal  bağlanır, sosial müdafiəyə ödəmələr etmir. Nəticədə Dövlət Sosial Müdafiə Fondunun büdcəsində kəsir əmələ gəlir. 
Burada bir neçə dəfə səsləndi, cənab Prezident də sonuncu müşavirədə qeyd etdi ki, dəqiq, düzgün məlumat verilməlidir. Müəssisələrin orada çalışan işçilərin sayı dəqiq olmalıdır. İcra başçısının verdiyi rəqəmi yazıb göndərməklə heç nəyə nail ola bilməyəcəyik. Mən hesab edirəm ki, bunlar dəqiq olarsa, düzgün qərar qəbul edə bilərik.
Bu gün Səlim müəllim iclasda iştirak etmir, onun sahəsinə aid olan bir məsələni qeyd etmək istəyirəm. Əmək müfəttişləri bu məsələni aydınlaşdırmalıdır. Son vaxtlar bəzi dövlət və özəl müəssisələrdə ixtisarlar gedir. Burada çalışan Əfqanıstan müharibəsi veteranlarını, Qarabağ müharibəsi veteranlarını, şəhid ailələrini və bu cür digər insanları ixtisara salırlar. Deyirlər ki, bunlar demaqoqluq edirlər elə birinci bunları yola salaq. Halbuki bizim qanunumuz var ki, müəssisə bağlanana qədər onlara toxunmaq olmaz. Təəssüflər olsun ki, bu insanları yola salırlar. Bu insanlar səngərlərdə durub vətəni müdafiə ediblər. Musiqi məkbətlərində oxumayıblar, gecə səhərə qədər yuxusuz qalıb, əli silahlı, torpaqları müdafiə ediblər. Bu insanlar niyə birinci növbədə ixtisara salınmalıdırlar? Bu məsələlər araşdırılmalıdır və məlumat verilməlidir. Mən deputat həmkarlarımı  bu qanun layihəsinə səs verməyə çağırıram. Hesab edirəm ki, Azərbaycanın sosial müdafiəsi çox ciddi şəkildə qorunub saxlanılacaq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, çıxışıma Siyavuş Novruzovun çıxışının  son hissəsi ilə başlamaq istəyirəm ki, həqiqətən də, belə problemlər var. Amma biz bilirik ki, cənab Prezident tərəfindən yoxlamalar 2 il müddətinə dayandırılıb və artıq Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin müvafiq tikinti təşkilatlarında yoxlamalar aparmaq imkanları xeyli məhdudlaşdırılıb. Gördük ki, bu günlərdə tikintidə ölüm halları da artmağa başlayıb. Yəqin ki, bu statistikanı siz bilirsiniz.  Onun da bir səbəbi odur ki, təhlükəsizlik qaydalarına riayət edilmir. Artıq sahibkarlarda  arxayınlıq yaranıb ki, onları yoxlamayacaqlar. 
İkinci, Dövlət Sosial Müdafiə Fondu ilə əlaqədar onu söyləyə bilərəm ki, doğrudan da, indi dediyim şərtlər altında çox normal bir layihə hazırlanıb. Çox təqdirəlayiq haldır ki, hökumət Siyavuş müəllimin də burada qaldırdığı işsizlik məsələlərini nəzərə alıb. İşsizliyə görə müavinətləri 2,4 dəfə artırıb, 6 milyondan təxminən 15 milyona çatdırıb. Amma hörmətli Oqtay müəllim, hökumət üzvləri də buradadırlar,  düşünürəm ki, bu məbləğ azdır.  Dövlət Statistika Komitəsinin məlumatına görə 29 min adam işsiz kimi qeydiyyatdan keçib. Amma bilirsiniz, Azərbaycanda insanlar işdən çıxandan sonra gedib işsiz kimi qeydiyyata düşmürlər. Amma onlar qeydiyyata alınsalar və dövlət onlara qayğı göstərsə, ayrı-ayrı təxribatçı qüvvələrin onlardan siyasi sabitliyi pozmaq üçün istifadə etməsinin qarşısını almış olar. Biz hamımız bilirik ki, ölkədə siyasi sabitlik qorunmayacağı təqdirdə heç bir islahatdan, iqtisadiyyatın yenidən qurulmasından söhbət gedə bilməz. Ona görə də bu insanlar mütləq dövlətin qayğısını hiss edəcəklər və onlardan siyasi məqsədlər üçün istifadə etmək imkanları sıfıra enmiş olacaq. Bunu sizin diqqətinizə çatdırdım.  
Sonda çıxışımı xoş notla bitirmək istəyirəm. Bu gün Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədri, deputat həmkarımız Fəttah müəllimin doğum günüdür. Onu təbrik edirəm, ona can sağlığı və işlərində uğurlar, müvəffəqiyyətlər arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Hörmətli Oqtay müəllim, söz verdiyinizə görə təşəkkür edirəm. Mən də həmkarlarımın təbriklərinə qoşuluram.  Bu gün həm də birinci çərşənbədir, hamınızın çərşənbəsi mübarək olsun. 
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanda ikinci devalvasiyadan sonra başlamış proseslər istər-istəməz cəmiyyətimizi sosial-iqtisadi həyatına da təsir etmişdir. Lakin Oqtay müəllim, Sizin keçən iclasların birində dediyiniz  kimi, bizim hörmətli cənab İlham Əliyevin çox gözəl bir iqtisadçı olduğu özünü bu prosesdə bir daha göstərdi. Onun  verdiyi fərman və sərəncamlarla biz artıq xalqımızın nə qədər sakitləşdiyini gördük və Prezidentimiz onun yanında olan hər bir vətəndaşın Prezidenti olduğunu bir daha sübut etdi. 
Mən birinci, ünvanlı sosial yardımların verilmə məsələsinə toxunmaq istəyirəm. Hörmətli Səlim müəllimin rəhbərliyi ilə bu gün həmin qurumda çox ciddi islahatlar aparılır, çox gözəl işlər görülür. Lakin yenə də bəzi məsələlər var ki, onlara bir daha baxılmasını arzu edərdim. Bu da işsizliklə əlaqədardır, ailələrə sosial yardımların verilməsi ilə bağlıdır. Bu gün görürük ki, işləməyən insanlara sosial yardım verilmir. İşləməyənlərin sosial yardıma daha çox ehtiyacı var. Məktəbyaşlı uşaq olan ailələrdə hər iki valideyn işləmirsə, bu uşağın sosial müdafiəsi necə təmin olunur? Mən çox arzu edərdim ki, bu məsələyə bir daha baxılsın. İkinci, sosial yardım və məşğulluq mərkəzlərinin birgə fəaliyyəti daha yaxşı olmazdımı? Çünki bilərdilər ki, kimi işlə təmin etmək lazımdır və hansı ailənin buna daha çox ehtiyacı var. 
Bir məsələni də qeyd etmək istəyirəm. Bu gün şəxsiyyət vəsiqələrinin verilməsi zamanı belə bir halla rastlaşmışıq. İnsanın banka borcu var, məhkəmə qərar verir ki, ona şəxsiyyət vəsiqəsi verilməsin. Bu necə ola bilər? Bu nədən qaynaqlanır, mən bilmirəm. İnsan gəlir, şəxsiyyət vəsiqəsi alsın, deyirlər ki, sənin banka borcun var. Yaxşı, bu necə işə düzələ bilər? Əgər şəxsiyyət vəsiqəsi yoxdursa, onu heç kim işə qəbul etmir. Məncə onlara şəxsiyyət vəsiqəsi verilməlidir ki, banklara olan borclarını ödəmək üçün işləsinlər. İşləməsə, borcu necə qaytara bilər? Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 
 
Səsvermənin nəticələri (saat 14.34 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi. Samir müəllim, sağ olun. 
Gündəliyin 3-cü məsələsi “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.  
Çox sağ olun, cənab Sədr. “Polis haqqında” Qanuna edilən dəyişiklik texniki xarakterlidir. Belə ki,  2015-ci ildə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”də “mükəlləfiyyət qeydiyyatı” sözləri “qeydiyyat” sözü ilə əvəz olunmuşdur. İndi həmin düzəliş “Polis haqqında” Qanunda öz əksini tapır. Çox sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.35 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi
 
Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Ziyafət Əsgərovun Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının üzvü təyin edilməsi haqqında qərar layihəsidir. Bildiyiniz kimi, Milli Məclisin bir nümayəndəsi  Məhkəmə-Hüquq Şurasında olmalıdır. 10 il bizim hörmətli  komitə sədrimiz Əli müəllim orada üzv olub, indi Məhkəmə-Hüquq Şurasına Ziyafət müəllimin üzvlüyünü təqdim edirik.  Buyursun Qüdrət Həsənquliyev. 
Q.Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim.  Xatırlayırsınızsa, Əli müəllim o vəzifəyə təyin olunanda mən buna qarşı olmuşdum. Ona görə yox ki, Əli müəllim o vəzifənin öhdəsindən gələ bilməzdi. İndi də o fikirdə deyiləm ki, Ziyafət Əsgərov  bu vəzifənin öhdəsindən gələ bilməz. “Məhkəmə-Hüquq Şurası haqqında” Qanun var və düşünürəm ki, Məhkəmə-Hüquq Şurasına Milli Məclisin bir nümayəndəsinin təyin olunması Konstitusiyaya ziddir. Azərbaycan Respublikası Konstitusiyasının “Dövlətinin əsasları”   adlanan 7-ci maddəsinin III hissəsində qeyd olunur ki, Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Belə olan halda  hakimiyyətin müstəqil bir qanadına digər bir hakimiyyət qanadının nümayəndəsinin üzv təyin olunması doğru deyil. Oqtay müəllim, bu ona bənzəyir ki, bizim Milli Məclisin İntizam komissiyasına bir naziri sədr təyin edək və tərkibini prokurorluq və Vəkillər Kollegiyasının nümayəndələrindən təşkil edək. 
Mən “Məhkəmə-Hüquq Şurasının təyinatı haqqında” 1-ci maddəni oxuyuram və xahiş edirəm, diqqətlə qulaq asın: “Məhkəmə-Hüquq Şurası Azərbaycan Respublikasında məhkəmə  sisteminin təşkilinin təmin edilməsi, vakant hakim vəzifələrinə hakim olmayan namizədlərin, hakim vəzifəsinə namizədlər seçilməsinin təşkili, hakimlərin fəaliyyətinin qiymətləndirilməsi, onların iş yerinin dəyişdirilməsi, vəzifədə irəli çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi, habelə məhkəmələr və hakimlərlə bağlı digər məsələləri səlahiyyəti daxilində həll edən, məhkəmə hakimiyyətinin özünüidarə funksiyalarını həyata keçirən orqandır”. İndi  məhkəmələrin özünüidarə orqanında prokurorluğun, Milli Məclisin, Vəkillər Kollegiyasının, müvafiq icra hakimiyyəti orqanının nümayəndəsinin olması, sizcə, bu məhkəmənin müstəqil qanadının normal fəaliyyətinə imkan verərmi? Mən düşünürəm ki, imkan verməz. Bu, məhkəmələrin işinə birbaşa müdaxilədir. 
Ziyafət müəllimin Milli Məclis Sədrinin birinci müavini kimi ora getməsi, hesab edirəm ki, heç də Milli Məclisin nüfuzunu qaldırmır. Ziyafət müəllim birinci müavin kimi Milli Məclisin işinin təşkili ilə məşğul olmalıdır və digər  müavinlərlə birlikdə Sədrə kömək etməlidir. O, hakimiyyətin başqa qanadının işinin təşkili ilə məşğul olmamalıdır axı.
Məhkəmə-Hüquq Şurası yaranana qədər bu işlə Ali Məhkəmənin İntizam kollegiyası, Ali Məhkəmənin sədri məşğul olurdu. Düşünürəm ki, Ali Məhkəmənin sədri hörmətli Ramiz müəllim indi də bu işin öhdəsindən gələ bilər. Məhkəmə-Hüquq Şurasına rəhbərliyi Ali Məhkəmənin sədri həyata keçirməlidir və onun üzvləri də hakimlər olmalıdır. Orada nə Vəkillər Kollegiyasının, nə Respublika prokurorluğunun, nə də Ədliyyə Nazirliyinin üzvləri olmalıdır. Axı bu, hakimiyyətin müstəqil qanadıdır. Məgər prokurorluqda işə qəbulda hakimlər iştirak edir? Yaxud Vəkillər Kollegiyasına üzv seçilməsi prosesində hakimlər iştirak edir? Ona görə də imkan vermək lazımdır ki, məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunsun. Biz mütləq “Məhkəmə-Hüquq Şurası haqqında” Qanuna yenidən baxmalıyıq. 
Oqtay müəllim, bir də çox mühüm bir məsələni burada qaldırıram və xahiş edirəm, ona diqqət yetirilsin. Bəzən Azərbaycanda məhkəmə çəkişmələri 7 il davam edir. Son vaxtlar 2 dənə belə işlə bağlı mənə müraciət ediblər. Bu da ondan irəli gəlir ki, bizim Mülki Məcəllədə “Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri” adlı 417-ci maddə var. Burada da 417.1.3-cü maddəyə diqqəti çəkmək istəyirəm. Ziyafət müəllim təyin olunacaqsa, gedib, heç olmasa, Məhkəmə-Hüquq Şurasında bunu qaldırar. Bu  3 instansiyadan sonra nəhayət ki, iş üzrə yekun qətnamə qəbul olunmalıdır. Yəni 1-ci instansiya məhkəməsi, sonra apellyasiya məhkəməsi, sonra da Ali Məhkəmə var. Amma 417-ci maddədə nə deyilir? Yazılır ki, kassasiya qaydasında işə baxılanda apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərarını tamamilə, yaxud qismən ləğv edib işi yenidən baxılmaq üçün apellyasiya instansiyası məhkəməsinə göndərə bilər. 
Beləliklə də, illərlə bu proseslər davam edir. Vətəndaşları məhkəmə süründürməçiliyindən xilas etmək üçün başqa məhkəmə instansiyasında səhvə yol verilibsə, yuxarı instansiya məhkəməsi bunu aradan qaldırmalıdır. Niyə təzədən qaytarır ki, get, bu məsələyə bir də bax. Bu proses illərlə uzanır, insanların əsəbləri korlanır. Xüsusilə sahibkarlar bundan əziyyət çəkirlər, bəzən öz əmlaklarını ala bilmirlər. Nəhayət ki, məhkəmə sistemində islahatlar aparmaq lazımdır. 
Sədrlik edən. Qüdrət müəllim, özün özünün birinci sualına cavab verdin: Məhkəmə-Hüquq Şurası hakim təyin etmir. Məhkəmə-Hüquq Şurası hakimiyyətin qolları arasında əlaqəni təşkil edir. Onların başqa səlahiyyətləri yoxdur. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm.  Hörmətli Oqtay müəllim, Siz çox düzgün qeyd etdiniz, Məhkəmə-Hüquq Şurası hakimləri təyin etmir. Onda belə çıxır ki, biz hakimləri burada təyin etməklə məhkəmələrin işinə qarışırıq, onların müstəqilliyini pozuruq. Çünki hakimlərin bir hissəsini biz, bir hissəsini cənab Prezident təyin edir. Onda belə çıxır ki, icra hakimiyyəti məhkəmələrin işinə qarışır. 
Bir tərəfdən də biz şəffaflıqdan, ictimai nəzarətdən danışırıq. Əgər ictimai nəzarət, şəffaflıq istəyiriksə, hətta qapalı sahə olan ordunun üzərində nəzarət tələb ediriksə, burada nə var ki? Məhkəmə-Hüquq Şurasında gedir, oturur, Milli Məclisdə qəbul olunmuş qanunların necə öyrənilməsini, bu cür imtahanların verilməsini müəyyənləşdirir. Təyinat tamam başqa bir istiqamətdir. O baxımdan, mən hesab edirəm ki, biz nə bir qanunu, nə də Konstitusiyanı pozuruq. Mən Ziyafət müəllimə uğurlar arzulayıram. Xahiş edirəm, səs verək getsin, orada olan bu problemləri aradan qaldırsın. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Əli müəllim 10 il bu şuranın üzvü olub. İstəyirəm, bu barədə fikrini bildirsin. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Siyavuş müəllimin fikirlərini davam etdirmək istəyirəm. Məhkəmə-Hüquq Şurasına fəaliyyətim zamanı mən burada əyləşmiş həmkarlarımla şuranın üzvü kimi daha çox təmasda olmuşam. Bir çox millət vəkillərinin seçicilərinin məsələləri ilə bağlı müraciətləri olub, onları araşdırmışıq. 
Tam məsuliyyətlə deyə bilərəm ki, ola bilər, məhkəmə sistemin özündə, məhkəmə hakimiyyətinin fəaliyyətində bir sıra problemlər var. Biz onu müzakirə edirik, deyirik. Amma  Məhkəmə-Hüquq Şurası kollegial bir orqan kimi artıq öz  təsdiqini tapıb. O zaman bu qanunu  hazırlayıb qəbul edəndə, yaxşı ki, orada ədalət mühakiməsini həyata keçirən bütün tərəflərin iştirakı təmin olundu. Həm məhkəmə-hüquq  islahatları ilə qanunvericiliyə cavabdeh olan parlament, həm ittiham tərəfi kimi prokurorluq, həm də vəkillik institutu orada öz əksini tapdı. Beləliklə, ədalət mühakiməsinin bütün tərəflərinin iştirakı məhkəmə hakimiyyətinin fəaliyyəti ilə bağlı bütün məsələləri açıq müzakirə etmək imkanı yaradır. 
Eyni zamanda, qeyd etmək istəyirəm ki, Məhkəmə-Hüquq Şurasında müvafiq icra hakimiyyətinin, yəni cənab Prezidentin nümayəndəsi və parlament təmsilçisi hakimlərin fəaliyyəti ilə bağlı qərarların qəbulunda iştirak etmirlər, səs də vermirlər. O qərarları ancaq hakimlər qəbul edir. Məhkəmə-Hüquq Şurası zamanında Avropa Hakimlər Xartiyasına uyğun olaraq 15 nəfərdən ibarət tərkibdə yaradıldı. Orada hakimlərin sayı çoxdur və hakimlərlə bağlı qərarları, məruzələri, səsvermələri ancaq onlar həyata keçirirlər.
Çox təqdirəlayiq haldır ki, Ziyafət müəllim kimi tanınmış bir hüquqşünas, alim, Milli Məclisin rəhbərliyində olan şəxs Məhkəmə-Hüquq Şurasında təmsil olunacaq. Hesab edirəm ki, bu, məhkəmə-hüquq  sisteminin nüfuzuna bir üstünlük gətirəcək və məhkəmə-hüquq islahatları ilə bağlı bundan sonra həyata keçirilən işlər daha sürətlə gedəcək. Ziyafət müəllim, Sizi təbrik edirik. Hesab edirəm ki, Siyavuş müəllimin dediyi kimi, hakimiyyət qollarının bu cür əlaqəli fəaliyyəti ümumi işimizə, ümumi islahatlara daha çox töhfə verəcək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 14.45 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi
 
Qəbul edildi. Sağ olun.
Bugünkü gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən 2016-cı il yanvarın 19-da qəbul edilmiş “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanununa Azərbaycan Respublikası Prezidentinin etirazı barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Adını çəkdiyiniz qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində müzakirə edilmişdir. Təklif edilir ki, “Valyuta tənzimi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun məqsədəuyğun olmaması barədə Azərbaycan Respublikası Prezidentinin təklifi qəbul edilsin. Millət vəkillərindən xahiş edərdim ki, qərara səs versinlər.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, Prezidentin vetosuna münasibət bildirək. 
 
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Çox sağ olun, qəbul edildi. İclasımız sona çatdı. Növbəti iclas mart ayının 4-də olacaq.
 
 
MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi