2016-ci il 18 mart tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 13

Milli Məclisin iclas salonu.
18 mart 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Telman Məmmədhəsənov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

1. “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Bəxtiyar Əliyev, Fərəc Quliyev, Azay Quliyev, Xanhüseyn Kazımlı, Sədaqət Vəliyeva, Elman Nəsirov, Hikmət Məmmədov, Tahir Kərimli, Elman Məmmədov, Astan Şahverdiyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli, Hikmət Məmmədov, Cavanşir Feyziyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

3. Güclü təsir edən maddələr və onların külli miqdarının, habelə zəhərli maddələrin siyahılarının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

18 mart  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 101
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, işə başlamazdan qabaq icazə verin, mart ayının 17-də böyük humanistlik göstərərək əfv fərmanı ilə bayramqabağı 148 ailəni sevindirdiyi üçün cənab Prezidentə parlament adından öz təşəkkürümüzü bildirək! (Alqışlar.)
Gündəliyi müzakirə eləməyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyin birinci məsələsi “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsidir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu gün müzakirəmizə çıxarılan məsələ – “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiya 1979-cu il oktyabr ayının 26-da qəbul olunub və 1980-ci ilin mart ayının 3-dən qoşulmaq üçün açıqdır. Biz bu konvensiyaya 2002-ci ilin dekabr ayında qoşulmuşuq. 2005-ci ildə konvensiyaya düzəlişlər qəbul edilib və bu məsələ indi bizim müzakirəmizə çıxarılıb.
İcazənizlə, mən həmin düzəlişlərin mahiyyəti haqqında bir neçə kəlmə deyim. Əvvəla, düzəlişlərə müvafiq olaraq konvensiyanın preambulası dəyişdirilib. Bu dəyişikliyin əsas məqsədi nüvə materialının və nüvə qurğularının daşınmasını, saxlanmasını, təhlükəsizliyini və onun mühafizə olunmasını daha da möhkəmləndirməkdən ibarətdir.
Eyni zamanda, burada prinsiplər müəyyən olunubdur. Həmin prinsiplər birinci növbədə dövlətlərin məsuliyyətini müəyyən eləyir. Nüvə materialının, nüvə qurğularının daşınması, təhlükəsizlik mədəniyyəti, konfedensiallıq, eyni zamanda, fövqəladə hallar zamanı nüvə materialları ilə necə rəftar edilməsi kimi məsələlər düzəlişdə öz əksini tapıb. Hesab edirəm ki, düzəlişlər milli maraqlarımıza tam uyğundur. Mən sizin hamınızı bu düzəlişə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Əlbəttə, müzakirəyə verilmiş qanun layihəsi olduqca əhəmiyyətlidir. Azərbaycan nüvə tədqiqatları ilə bağlı bütün sazişlərə qoşulub və eyni zamanda, bu sahədə müəyyən töhfələri də var. Agentlikdə də fəal iştirak edir, yeni bir qurum da yaradılıb. Bu qurum Azərbaycanda nüvə tədqiqatları və nüvə materialının fiziki mühafizəsi ilə bağlı işlər görüb.
Bu sazişdə Azərbaycan tərəfinin çox vacib bir qeydi var və mən istəyirəm, diqqəti buna cəlb eləyim. Azərbaycan dövləti dəfələrlə bəyan edib ki, Ermənistan qəzalı vəziyyətdə olan atom elektrik stansiyasının tullantılarını Azərbaycanın işğal edilmiş ərazilərində basdırıb. Çünki heç bir məlumat verilmir ki, o tullantılar hara daşınır və onun mühafizəsi necə təşkil olunur. Vaxtı ilə Azərbaycan tərəfinin təkidi və təklifi ilə faktaraşdırıcı missiya işğal altındakı ərazilərdə olmuş və belə ehtimalların olduğunu bəyan etmişdi. Ona görə də mən bir daha beynəlxalq təşkilatların diqqətini buna cəlb etmək istəyirəm ki, Azərbaycanın işğal olunmuş ərazilərindən Ermənistanın silahlı qüvvələri çıxarılmalıdır.
Nəzarətsiz ərazilərdə narkotiklərin becərilməsi, terror dəstələrinin hazırlanması kimi məsələlərə artıq beynəlxalq ictimaiyyət öz münasibətini bildirməlidir. Bunlara bilavasitə cavabdeh olan bir sıra qurumlar, o cümlədən ATƏT bölgədə öz missiyasını yerinə yetirməli və bu işlərlə ciddi şəkildə məşğul olmalıdır.
Düzəlişdə Azərbaycan tərəfini narahat edən bu bəyanat heç də təsadüf deyil. Bu, təkcə bölgə üçün deyil, ümumiyyətlə, Avropa üçün böyük bir təhlükə mənbəyidir. Azərbaycan tərəfinin bu düzəlişi qəbul etməsi bir daha onu göstərir ki, Azərbaycan sülhün, sabitliyin, təhlükəsizliyin təminatçısı olaraq bölgədə öz əhəmiyyətini qoruyub saxlayır. Bu yaxınlarda cənab Prezidentin Türkiyə Respublikasına səfəri və orada verdiyi bəyanatlar bir daha göstərdi ki, Azərbaycan bölgədəki münaqişələrin sülh yolu ilə həll edilməsinin tərəfdarıdır, amma güc tətbiq edilərsə, təhlükə olarsa, buna da tutarlı cavab veriləcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çox düz qeyd elədiniz, Azərbaycanın düzəlişdəki bəyanatı elə bunun birbaşa göstəricisidir. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Mən bir daha hamını bayram münasibəti ilə təbrik edirəm və əfv fərmanı imzaladığı üçün cənab Prezidentə təşəkkür edirəm. Həm də Türkiyə səfərinin uğurları ilə bağlı cənab Prezidentə təşəkkür edirəm və hamınızı da təbrik edirəm ki, ölkəmiz çox ciddi şəkildə təmsil olundu.
Mən keçən dəfə də ümumi bəyanatlar qəbul olunanda, daha doğrusu, konvensiyalara razılıq veriləndə bir fikrimi bildirmişdim. Bura yenə bir  xəritə əlavə olunub, mən ona iradımı bildirmək istəyirəm. Burada işğal olunmuş Azərbaycan əraziləri göstərilib və adlar yazılıbdır: Martuni, Mardakert, Hadrut. Biz bu adları dəyişmişik axı. Mən keçən dəfə dedim ki, standart xəritələrdən istifadə edirlər. Mənə irad bildirdiniz ki, standart xəritələr yoxdur. Görünür standart xəritələrdir, bunu dəyişmək lazımdır. Axı, biz bunu konvensiyaya əlavə eləmişik və harasa göndərəcəyik. Biz bu adları dəyişmişik, onlar olduğu kimi yazılmalıdır.
Lütfən, bu xəritəni dəyişin. Xarici İşlər Nazirliyinə bildirmək lazımdır ki, standart xəritəni kənara qoysunlar, normal bir xəritə hazırlasınlar. Üstəlik, bəyanatda işğal olunmuş ərazilərimizi göstərəndə Kərkini və Qazaxın işğal olunmuş ərazilərinin adlarını da bura salmaq lazımdır. Bu çox ciddi sənəddir, müxtəlif yerlərə gedir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Məndən əvvəl çıxış edən həmkarlarımın fikirlərinə qoşuluram və hesab edirəm ki, bu gün müzakirəyə təqdim olunan qanun layihəsi kifayət qədər aktualdır və Azərbaycanın bu konvensiyaya qoşulması olduqca əhəmiyyətlidir. Bəxtiyar müəllim də qeyd elədi, bura əlavə edilən bəndlər, işğal olunmuş ərazilərlə bağlı qeydlər, hesab edirəm ki, Azərbaycanın bu məsələdə prinsipial mövqeyini əks etdirir.
Digər tərəfdən, biz bu konvensiyanı bir neçə həftədən sonra Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti ərəfəsində təsdiq edirik. Bilirsiniz ki, ABŞ Prezidenti cənab Barak Obama Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevi həmin sammitə dəvət edibdir. Bu, ilk növbədə onun göstəricisidir ki, Azərbaycan, doğrudan da, beynəlxalq təhlükəsizlik sistemində aparıcı ölkələrdən biridir.
Təsadüfi deyil ki, ABŞ Prezidentinin göndərdiyi dəvət məktubunda qeyd olunur ki, Azərbaycan qlobal nüvə təhlükəsizliyi arxitekturasına qətiyyətli dəstək verir. Hesab edirəm, bu, çox mühüm bir siyasi bəyanatdır. Azərbaycan Respublikası Prezidentinin belə bir mötəbər tədbirdə iştirakı həm də Azərbaycan dövlətinə olan münasibətdir, Azərbaycan Prezidentinin beynəlxalq aləmdə oynadığı rola və qazandığı nüfuza verilən qiymətdir və bunun etirafıdır. Bu nöqteyi-nəzərdən bugünkü layihəni təsdiq etməklə cənab Prezidentin nüvə sammitində iştirakına əlavə bir töhfə vermiş olacağıq və Azərbaycan dövlətinin bu məsələdə prinsipial mövqeyini bir daha nümayiş etdirəcəyik.
Hörmətli cənab Sədr, Siz çox haqlı olaraq cənab Prezidentin dünən imzaladığı əfv fərmanına toxundunuz. Hesab edirəm ki, doğrudan da, Milli Məclis cənab Prezidentə belə bir humanist addımına görə təşəkkür etməlidir. Bu fərmanın digər mühüm nəticələri də var, istəyərdim, onları sizin diqqətinizə çatdırım. Bu fərmanın əhəmiyyəti ondan ibarətdir ki, cənab Prezident bu əfv siyahısında hüquq müdafiə təşkilatlarının təklif etdiyi insanların adlarının yer almasını təmin etməklə, doğrudan da, böyük humanist addım atmış oldu. Bununla cənab Prezident göstərdi ki, ölkədə istənilən məsələni dialoq, ictimai barış, anlaşma yolu ilə həll etmək olar.
Bu fərman həm də onu göstərdi ki, bu gün cənab Prezidentin təşəbbüsü ilə yaradılan insan haqları ilə bağlı birgə işçi qrupunun fəaliyyətinə etimad böyükdür. İşçi qrupu ilə bağlı Avropa Şurası Baş katibinin çox yanlış bir yanaşması olmasına baxmayaraq, bu bir daha onu göstərdi ki, Azərbaycanda, doğrudan da, milli mexanizm, milli dialoq platforması var, yaşayır və buna dövlət başçısı çox böyük önəm verir.
İkinci mühüm məqamlardan biri də odur ki, cənab Prezident bu şəxsləri əfv etməklə hər hansı bir məsələnin həlli ilə bağlı yalnız və yalnız dövlət başçısına və dövlətə güvənmək lazım olduğunu bir daha göstərdi. Hər hansı məhbus, hər hansı bir şəxs öz hüquqlarını bu və ya digər formada müdafiə etmək istəyirsə, o, dəstəyi xaricdən gözləməməlidir.
Beynəlxalq təşkilatlar, beynəlxalq qurumlar istədikləri şəkildə Azərbaycanın daxili işinə qarışa və ondan təzyiq, ultimatum yolu ilə nə isə istəyə bilməzlər. Mən çox sevinirəm və xüsusi ilə qeyd etmək istəyirəm ki, cənab Prezidentin bu fərmanını beynəlxalq təşkilatlar, xüsusi ilə ATƏT-in Parlament Assambleyasının prezidenti, AŞPA-nın prezidenti, ABŞ Dövlət Departamenti və Avropa İttifaqının yüksək rütbəli məmurları çox yüksək qiymətləndirdilər, insan haqları və demokratiyanın müdafiəsi istiqamətində dövlətimizin prinsipial mövqeyinin ortada olduğunu qeyd etdilər.
Mən fürsətdən istifadə edib, cənab Prezidentə təşəkkür etmək istəyirəm. Hesab edirəm ki, bu, vətəndaş cəmiyyəti, ümumiyyətlə, insanlar tərəfindən çox yüksək qiymətləndirilir və beynəlxalq aləmdə buna çox böyük diqqət və ehtiram var. Əlbəttə, bu bizi çox sevindirir.
Sonda mən də cənab Prezident başda olmaqla bütün həmkarlarımı və seçicilərimi qarşıdan gələn Novruz Bayramı münasibəti ilə təbrik edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Həqiqətən, istənilən mətbuatı açanda görürük ki, bütün beynəlxalq təşkilatlar bu əfv fərmanını çox yüksək qiymətləndirir və münasibətlərini bildirirlər. Azərbaycan mətbuatı da bunu yüksək qiymətləndirir. Amma bəzən bu əfv fərmanı haqqında da neqativ bir fikir yaradırlar. Çox təəssüflər olsun.
İclasın əvvəlində söyləmək yadımdan çıxdı, Milli Məclisin Daxili Nizamnaməsinə görə, parlament ayda iki dəfədən az olmayaraq iclas keçirə bilər. İndi Milli Məclisin öz işidir, iclasın gündəliyində bir məsələ də ola bilər, 5 də, 25 də. Mətbuatdan oxuyuram ki, Milli Məclis növbədənkənar xüsusi iclasını keçirir. Bu xüsusi iclas nə deməkdir?
Növbədənkənar iclas o vaxt ola bilər ki, Milli Məclisin sessiyası qapanandan sonra yenidən, növbədənkənar çağırılsın. Bunu bilmədən bütün qəzetlər yazır ki, fövqəladə iclas, nə bilim nə. Çoxları fikirləşir ki, aləm dağıldı, xeyir ola, birdən-birə fövqəladə iclas elədilər? Bu, bizdə fəaliyyət göstərən jurnalistlərə aid deyil. Xahiş edirəm, onlar öz həmkarlarına desinlər, hər məsələni belə şişirtməsinlər. Xanhüseyn Kazımlı.
X.Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Məndən əvvəl çıxış eləyən natiqlərin fikirlərinə qoşularaq burada əyləşən insanları, qardaş və bacılarımızı təbrik edirəm, onlara uğurlar arzulayıram.
Hörmətli Sədr, əlbəttə, Azərbaycanın işgüzar əməkdaşlığa çağırışları, terrora, müharibəyə, münaqişəyə yox deməsi məsələsi dünyaya bəllidir. Dünya bilir ki, Azərbaycan həmişə sülh istəyən bir dövlətdir. Amma Azərbaycan belə bir kəlamı da unutmur ki, nə qədər sülh istəyirsənsə, o qədər də müharibəyə hazır olmalısan. Azərbaycanın qüdrətli ordusu və xalqla rəhbərlik arasında yekdil münasibətlər mövcuddur.
Məndən əvvəl çıxış edən yoldaşlar çox maraqlı məqamlara toxundular. Misal üçün, Ermənistandakı atom elektrik stansiyası Türkiyənin 16 kilometrliyindədir. Əlbəttə, köhnə avadanlıqla qurulmuş bu stansiyanın, – Bəxtiyar müəllim onu geniş danışdı, – bu gün, sabah, nə vaxtsa təhlükə yaratması ehtimalı vardır.
Əlbəttə, bu barədə çox fikirlər söylənilir və bunlar aydındır. Amma təəssüf ki, Azərbaycanın haqq işinə qarşı ikili standartlar hələ də qüvvədədir. Məndən əvvəl çıxış edən Fərəc müəllim misal üçün, işğal altında olan Naxçıvan Muxtar Respublikasının Kərki kəndi və Qazaxın 7 kəndi barədə çox gözəl dedi. Yaxud da Ağcabədinin Yuxarı Qiyaməddinli kəndinə bir günlük ermənilərin girməsi və orada böyük tələfatlar törətməsi və ilaxır. Misal üçün, əgər ulu öndər Heydər Əliyev birbaşa işə qarışmasaydı, cəbhə bölgələrinə getməsəydi, indi Horadiz də həsrətlə baxdığımız vilayətlərdən biri idi. Ona görə də Azərbaycan dünyanı əməkdaşlığa çağırır və qapılarımız açıqdır.
Eyni zamanda, dünyada terror, təxribat, münaqişə, müharibə inkişaf edir. Bunu əlbəttə, müsəlman dünyası inkişaf elətdirmir. Bunu hərəkət elətdirən maraqlı qüvvələr var, bunlar da bəllidir. Ona görə də hesab edirəm ki, bizim belə bir konvensiyalara qoşulmağımız məqsədəuyğundur, çünki Azərbaycanın haqq işinə ləkə yaxmaq niyyətində olan qüvvələr çoxdur. Biz həmişə sülhün tərəfdarıyıq və terrora, müharibəyə, münaqişəyə yox deyən ölkələrdən biriyik. Mən bu sənədin qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun. Hörmətli Sədr, söz verdiyiniz üçün təşəkkür edirəm. Mən də ilk öncə cənab Prezident başda olmaqla bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm, işlərində uğurlar arzulayıram. Mən də həmkarlarımın dediklərinə qoşularaq Metsamor atom elektrik stansiyası barədə fikirlərimi bildirmək istəyirəm. Avropa Şurasının Parlament Assambleyası dəfələrlə qəbul etdiyi sənədlərdə bu stansiyanın seysmik zonada yerləşdiyini və bütün Qafqaz regionu üçün potensial təhlükə mənbəyi olduğunu ifadə etməsinə baxmayaraq, o, hələ də öz işini davam etdirir. Düşünürəm ki, artıq Ermənistanın da bu məsələyə ciddi yanaşmasının vaxtı çoxdan çatıbdır.
Onu da qeyd edim ki, nüvə təhlükəsizliyi sammitlərində cənab Prezident İlham Əliyev bu sahədə Azərbaycanın rəsmi mövqeyini dəfələrlə ortaya qoyubdur. Azərbaycan nüvə təhlükəsizliyinin bir çox istiqamətləri üzrə müvafiq beynəlxalq təşkilatlarla fəal əməkdaşlıq edir və nüvə təhlükəsizliyinin möhkəmləndirilməsi istiqamətində Birləşmiş Millətlər Təşkilatının göstərdiyi səyləri dəstəkləyir. Hətta 2012-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına sədrlik etdiyi zaman Azərbaycan beynəlxalq terrorçuluq, o cümlədən nüvə terrorçuluğu məsələlərinə aid müzakirələr təşkil edibdir. Eyni zamanda, Azərbaycan nüvə materiallarının qeyri-qanuni dövriyyəsində tranzit marşrutu kimi ölkənin ərazisindən istifadənin qarşısını almaq üçün böyük səylər göstərib və bu məqsədlə də beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq edərək beynəlxalq standartlara uyğun güclü qanunvericiliyə əsaslanan əhatəli milli ixracın nəzarəti sistemini formalaşdırıb. Mən bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Cənab Sədr, hörmətli həmkarlar! Mən də fürsətdən istifadə edib hər birinizi səmimi qəlbdən təbrik edirəm. Hesab edirəm ki, bu gün müzakirəyə çıxarılan “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsi olduqca böyük əhəmiyyət kəsb edən bir sənəddir. Xüsusilə də aprel ayında Vaşinqtonda keçiriləcək IV Nüvə Təhlükəsizliyi Sammiti ərəfəsində bunun təsdiq edilməsi böyük əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də həmin sammitə dəvət alıb və hesab edirəm ki, bu nöqteyi-nəzərdən bu gün bu sənədi təsdiqləməyimiz olduqca vacibdir.
Mən də fürsətdən istifadə edib qeyd etmək istərdim ki, Azərbaycan dövlətinin sülhpərvər dövlət olmasına, eyni zamanda, nüvə təhlükəsizliyi məsələlərində konkret mövqe bildirməsinə baxmayaraq, Ermənistan dövləti öz işindədir və Metsamor AES-in tullantıları bu gün bütün region üçün təhlükə mənbəyinə çevrilibdir.
Yeri gəlmişkən, deyim ki, bu məsələ Fransada elə erməni mənşəli ekspertlərin yazılarında öz əksini tapıb. Həmin mənbələr məndə var. Mənbələrdə göstərilir ki, Metsamor AES-in tullantıları Azərbaycanın işğal altındakı 7 rayonunda, xüsusilə də Füzuli və Cəbrayıl rayonlarının ərazilərində basdırılıb. Orada hətta belə bir cümlə də öz əksini tapıb ki, Ermənistan 7 rayonu Azərbaycana qaytarsa belə, 25 il müddətində o torpaqlarda əkin-biçin işi, yaşamaq çox çətin olacaq.
Hesab edirəm, Vaşinqtondakı keçiriləcək nüvə təhlükəsizliyi sammiti ərəfəsində bu bir daha onu göstərir ki, Ermənistan təkcə terrorizm siyasətini dövlət səviyyəsinə qaldırmayıb, bu dövlətdən, eyni zamanda, nüvə terrorizmini gözləmək mümkündür. Çünki Metsamor AES-in bir çox materiallarından nüvə sılahı ilə bağlı müəyyən addımların atılmasında istifadə oluna bilər ki, bu da ciddi təhlükə mənbəyidir. Xüsusilə də Türkiyədə baş vermiş sonuncu terror aktı kontekstində məsələyə yanaşılsa, hesab edirəm, biz Metsamor atom elektrik stansiyasına, eyni zamanda, terrorizm mənbəyi olması istiqamətindən də yanaşmalıyıq ki, bu da olduqca təhlükəli tendensiyadır. Ona görə də cənab Sədr, Sizə bir daha təşəkkür edirik ki, olduqca mühüm bir məsələni müzakirəyə çıxardınız. Həmkarlarım da, mən də bu sənədə səs verəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Metsamor AES-dən çox danışırıq. Bildiyiniz kimi, Azərbaycanın dövlət strukturları, müvafiq təşkilatlar, parlament bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırıblar və qaldırırlar. Bu məsələ MAQATE-də də qaldırılıb. Cənab Prezident böyük tədbirlərdə bu məsələni səsləndirib və bu, diqqət altındadır. Deyirsiniz, ekspertlər yazırlar ki, tullantıları orada basdırıblar. Ola bilər, amma təki o torpaqlarımızı qaytaraq, basdırılan materialı harasa göndərmək imkanımız olacaq. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, önümüzdəki günlərdə nüvə təhlükəsizliyi ilə bağlı çox böyük bir tədbir keçiriləcək. Bu ərəfədə Azərbaycanın “Nüvə materiallarının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsini müzakirə etməsi olduqca aktualdır. Bilirsiniz,  Azərbaycanda aviakosmik sənaye yox idi və biz fikirləşə bilməzdik ki, nə vaxtsa Azərbaycan  kosmik sənaye ölkəsinə çevriləcək. Bu gün bu, faktdır. Əslində, bu gün müzakirə etdiyimiz layihə növbəti mərhələdə Azərbaycanın nüvə ehtiyatlarından, nüvə resurslarından istifadə etmək siyasətini müəyyənləşdirəcək. Bu məsələ həm də buna görə də olduqca aktualdır və vacibdir.
Burada səsləndi, artıq istismar müddəti çoxdan başa çatmış Metsamor AES-in tullantılarının sərhədyanı çaylar vasitəsilə Azərbaycana axıdılması, eyni zamanda, işğal olunmuş ərazilərimizdə basdırılması kimi məsələləri hər zaman istər Milli Məclisin, istərsə də Avropa Şurası Parlament Assambleyasının diqqət mərkəzində saxlamaq lazımdır. Çünki bu məsələ, doğrudan da, regionda təhlükəsizliyi təhdid edən bir vasitəyə çevrilib.
Hesab edirəm ki, buna hüquqi müstəvidə də yanaşmaq olar. Qeyd etdiyim kimi, Azərbaycan kosmik sənaye ölkəsidir, bizim peyklərimiz var. Lazım olduqda peyklər vasitəsilə bastırılan nüvə artıqlarının yerini müəyyənləşdirib konkret faktlarla müxtəlif beynəlxalq təşkilatların diqqətinə çatdıra bilərik.
Bütövlükdə hesab edirəm ki, bu, vacib bir sənəddir. Xüsusilə bəyanat hissəsində qeyd olunub ki, Azərbaycan bu konvensiyaya qoşulur, ancaq nəzarəti altında olmayan Azərbaycan torpaqlarında bunun yayılması ilə bağlı tədbir görə bilməyəcək. Məncə, bu bəyanatın özü Azərbaycan torpaqlarının işğal olunması faktının bir daha beynəlxalq təşkilatların diqqətinə çatdırmaqdır. Təşəkkür edirəm, sağ olun. Mən bu qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Bəyanatın birinci bəndində yazılır: “Azərbaycan Respublikası bəyan edir ki, “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiya və “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin müddəaları Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir”. Mən bu konvensiyanın yeni maddələri ilə tanış oldum. Burada bizim xeyrimizə olacaq və Ermənistana tətbiq oluna biləcək xeyli yaxşı maddələr var. O maddələrdən bəzilərini sizin diqqətinizə çatdırıram:
Birinci, “Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinin 2-ci maddəsinin dördüncü bəndinin” bütün dövlətlər öz beynəlxalq münasibətlərində digər dövlətin ərazi bütövlüyünə və siyasi müstəqilliyinə qarşı və ya Birləşmiş Millətlərin məqsədləri ilə bir araya sığmayan şəkildə güc tətbiq etməklə hədələməkdən çəkinməlidir tələblərini nəzərə alaraq”.
İkinci, “nüvə materialının qanunsuz ötürülməsi, əldə edilməsi, istifadəsi, nüvə materialları, qurğularının sabotajı nəticəsində yaranan potensial təhlükənin qarşısının alınmasını arzu edərək və belə əməllərə qarşı fiziki mühafizənin milli və beynəlxalq səviyyədə artan marağa çevrildiyi qeyd edərək”.
Üçüncü, “Nüvə qurğusu” dedikdə nüvə materialının istehsal edildiyi, emal olunduğu, istifadə edildiyi, davranıldığı, saxlanıldığı və ya basdırıldığı elə bir qurğu (ona aid bina və avadanlıqlar da daxil olmaqla) başa düşülür ki, bu qurğu zədələndikdə və ona müdaxilə edildikdə əhəmiyyətli dərəcədə radioaktiv maddənin buraxması ehtimalı olsun”. Bir sıra başqa maddələr də var, lazım olsa, onları da sayaram. Bunlar bizim xeyrimizədir və Ermənistana qarşı bu iddialarla çıxış eləyə bilərik.
Hörmətli Sədr, Siz də çıxışınızda dediniz ki, biz dəfələrlə bu məsələ ilə bağlı səsimizi qaldırmışıq. Mən düşünürəm ki, “Ermənistan Respublikasına münasibətdə Azərbaycan Respublikası tərəfindən tətbiq edilməyəcəkdir” cümləsi konvensiyanın ayrı-ayrı fəsillərinə və ayrıayrı maddələrinə aid edilsin.
Bir də, sonda demək istəyirəm ki, Fərəc bəyi dəstəkləyirəm. Həmin məsələni mən də vaxtilə qaldırmışdım. Doğrudan da, adlarla bağlı məsələni sahmana salmaq lazımdır. Vaxtilə parlamentdə toponimiyaya aid məsələlər öz qanuni həllini tapıb. Bu, xəritələrdə də öz əksini tapmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Tahir müəllim. Mən bir daha hamınızın nəzərinizə çatdırıram ki, biz bu konvensiyanı təsdiq eləmişik. İndi həmin konvensiyaya düzəlişi təsdiq edirik.  Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, təbii ki, konvensiya qəbul olunub, indi dəyişikliyə baxırıq. Mən istəyirəm ki, burada səslənməyən və mənə məlum olan bir faktı nəzərinizə çatdırım. Bu fakt nədən ibarətdir?
Dağlıq Qarabağda sovetlər dövründə Mardakert, sonradan Ağdərə adlandırılan rayon var. 1992-ci ilin oktyabrında bir sərsəm qərarla Ağdərə rayonunu ləğv elədilər. İndi həmin ərazi Kəlbəcər rayonunun tabeliyinə verilib. O ərazidəki Çıldıran–Drombon zonasında çox güclü uran yataqları var. Həmin uran yataqlarının bir hissəsi də Kəlbəcər rayonunun tarixi ərazisindədir. Ermənilər işğaldan sonra həmin yataqları açıb işlədirlər.  Həmin yataqlardan çıxarılan tullantılar isə Xaçın və Tərtər çayları vasitəsilə Azərbaycan ərazisinə axıdılır. Əgər o çayların suyunda radiasiya fonu yoxlanılsa, dediklərim təsdiq olunacaq.
Mən diqqətinizi bu məsələyə ona görə çəkmək istədim ki, biz Azərbaycan tərəfi olaraq bunlara ciddi fikir verməliyik. Ermənistandakı atom elektrik stansiyası haqqında çox danışılır, ziyanı, filanı deyilir. Amma mən deyən faktlar çox vacib məsələlərdir. Yəqin Azərbaycanın müvafiq orqanları bununla məşğul olacaq və beynəlxalq təşkilatlar qarşısında məsələ qaldıracaqlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Astan Şahverdiyev sual vermək üçün yazıldı, amma deyəsən, artıq hövsələsi qalmadı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
A.Şahverdiyev. Çox sağ olun, Oqtay müəllim. Mən də Azərbaycan xalqını Novruz bayramı münasibəti ilə təbrik edirəm. Təqdim olunan konvensiyaya təklifim var. Burada birinci vərəqdə “Declaration”, sonra da “Bəyanat” yazılıb. Çoxdan bu söz məni narahat edir. İngiliscə “Nagorno-Karabakh” yazılıb. Rus dilindən ingilis dilinə transkripsiya olunub. Azərbaycan mətnində isə “Dağlıq Qarabağ” yazılıb. Türk dilində də “Yuxarı Qarabağ” deyilir. Dağlıq Qarabağın işğalında Rusiyanın rolunu da yaxşı bilirik. Yaxşı olardı ki, “Nagorno-Karabakh” ingilis dilinə tərcümə olunmuş şəkildə yazılsın. Xarici İşlər Nazirliyi sənədləri hazırlayarkən buna fikir versin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İcazə verin, Ziyafət müəllim bir-iki suala cavab versin, bununla da məsələni yekunlaşdıraq. Buyurun.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Həmkarlarım burada bir neçə məsələ qaldırdılar, icazənizlə, onlara münasibət bildirmək istəyirəm. Əvvəla, qeyd eləmək istəyirəm ki, biz hələ 2003-cü il dekabr ayının 9-da xüsusi qeyd-şərtlə bu konvensiyaya qoşulmuşuq. Yəni Ermənistana və Dağlıq Qarabağ regionuna münasibətdə bunlar nəzərə alınıb. Nə qədər ki Dağlıq Qarabağ regionu və ona bitişik 7 rayon Ermənistanın işğalı altındadır, sözsüz ki, Azərbaycan bu dəyişikliklərin, bütövlükdə konvensiyanın orada tətbiqinə zəmanət verə bilmir, çünki oralar bizim nəzarətimizdə deyil.
O ki qaldı Ermənistana münasibət məsələsinə, Tahir müəllim, siz qeyd etdiniz ki, burada Azərbaycanın maraqlarına uyğun çoxlu maddə var. Əvvəla, o maddələr olmasa idi, biz onu heç qəbul eləməzdik.
İkinci, Ermənistana tətbiqi məsələsinə gəldikdə isə siz konvensiyaya fikir versəniz, görərsiniz ki, söhbət Ermənistanla əməkdaşlıqdan gedir. Biz əməkdaşlıq eləyə bilmərik. Dediyiniz qalan məsələlər, məsələn,  Azərbaycanın ərazi bütövlüyü BMT-nin, ATƏT-in, NATO-nun sənədlərində nəzərdə tutulub. Yəni bütün dünya birliyi Azərbaycanın ərazi bütövlüyünü onsuz da tanıyıb. Söhbət əməkdaşlıqdan gedir. Bizim Ermənistanla diplomatik münasibətimiz yoxdur, ona görə ki, Ermənistan işğalçı dövlətdir, Azərbaycanın ərazisini işğal eləyib. Bu nəzərdə tutulur. Burada söhbət əməkdaşlıqdan gedir. Əməkdaşlıq eləyə bilmərik və təbii ki, bu konvensiya Ermənistana münasibətdə tətbiq edilə bilməz.
Burada Fərəc müəllim məsələ qaldırdı. Fərəc müəllim, siz xəritənin sağ tərəfinə fikir verin. Orada Dağlıq Qarabağ Muxtar Vilayətinin 1923-cü il və 1991-ci ilə qədər olan inzibati ərazi vahidlərinin adlarından söhbət gedir. Orada Dağlıq Qarabağda olan həm ermənilərin, həm azərbaycanlıların, həm də rusların sayı nəzərdə tutulub. Bu mənada Dağlıq Qarabağ Muxtar Vilayətinin mövcud olduğu dövrdəki inzibati ərazilərin adları göstərilib. Tarixi aspektdən yanaşılıb. Bu da məlumdur ki, ermənilər o vaxt Dağlıq Qarabağ Muxtar Vilayətində Martuni, Mardakert və sair kimi erməni adlarını qoyublar. Əlbəttə, indi onlar dəyişilib.
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Anlamadım, nə deyirsiniz.
Yerdən. (Eşidilmir.)
Z.Əsgərov. Mən dedim axı. Orada mötərizədə yazılıb, 1923–1991-ci illər ərzində olan adlardan söhbət gedir. O adlar sonra dəyişilib. Yəni sovet dövründə əhalinin sayında hansı nisbət var idisə, o, qeyd olunub. Qalan məsələlər, mənə elə gəlir, aydındır.
Sədrlik edən. Xahiş edirəm, “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyaya Düzəlişin təsdiq edilməsi barədə qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İkinci məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, cənab Sədr. Bildiyiniz kimi, Cinayət Məcəlləsinin 213-1-ci maddəsində aksiz markası ilə markalanmalı olan məhsulların nağd qaydada alğı-satqısına görə məsuliyyət nəzərdə tutulur. Burada sanksiya ilə bağlı heç bir dəyişiklik yoxdur, amma dispozisiyada “tütün” sözündən əvvəl “pivə” sözü əlavə olunur. Beləliklə, “Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla aksiz markası ilə markalanmalı olan məhsulları (malları) nağd qaydada xeyli miqdarda satma, belə məhsulları (malları) satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma”ya görə məsuliyyət nəzərdə tutulur. Amma sanksiya olduğu qaydadadır. Hörmətli millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim, üçüncü və dördüncü məsələlər barədə də məlumat verin.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, Cinayət Məcəlləsinin 240-cı maddəsi güclü təsir edən və ya zəhərli maddələrin satış məqsədilə qanunsuz dövriyyəsinə görə məsuliyyət nəzərdə tutur. Narkotik vasitələr və ya psixotrop maddələrə görə həm məsuliyyət var, həm də maddələrin siyahısı var. Güclü təsir edən və ya zəhərli maddələrin siyahısı mövcud deyil. Yəni faktiki olaraq Cinayət Məcəlləsində məsuliyyət var, amma onlar hansı maddələrdir, qanunvericilikdə göstərilməyib.
Cənab Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabineti yanında işçi qrupu yaradılmışdır. Səhiyyə Nazirliyinin və Milli Elmlər Akademiyasının nümayəndələrindən ibarət olan işçi qrupu həm beynəlxalq təcrübəni öyrənərək, həm də elmi əsaslara söykənərək güclü təsir edən və ya zəhərli maddələrin siyahısını tərtib etmişdir. Biz komitədə bu məsələni müzakirə edəndə həmin şəxsləri dəvət etmişdik. Hazırda biz bu qanunla həmin siyahını təsdiq etməliyik.
Eyni zamanda, mən istəyirəm ki, hörmətli millət vəkilləri buradakı  qeydə də diqqət yetirsinlər. Orada yazılıb ki, bu siyahıda göstərilən maddələr elmi-tədqiqat laboratoriyalarında və tibb müəssisələrində kimyəvi reaktiv kimi, həmçinin elmi və tibbi məqsədlər üçün istifadə oluna bilər. Söhbət, təbii ki, bunların qanunsuz dövriyyəsinə görə məsuliyyətdən gedir.
Oqtay müəllim, dördüncü məsələ də bu siyahıdan irəli gələn dəyişiklikdir. Qeyd etdiyim kimi, Cinayət Məcəlləsində müvafiq maddə var, amma orada güclü təsir edən maddələrə münasibətdə “külli miqdarda” anlayışı yox idi. Bura edilən dəyişiklik təsdiq edəcəyimiz siyahıdan irəli gəlir. Beləliklə, biz bu qanunu qəbul etməklə qanunvericiliyimizdə olan boşluğu  doldurmuş oluruq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Tahir Kərimli.
T.Kərimli. Vaxtilə şərabçılıq məhsulları ilə bağlı müzakirə aparılanda demişdim ki, orada da  bir sıra şərab məhsullarının adları getmir. İndi də pivə və tütünün adı gedir. Doğrudur, burada “pərakəndə satış istisna olmaqla” məsələsi qoyulub, ancaq mən arzu edərdim ki, bu qanunun tətbiqi, qüvvəyə minməsi bir qədər geriyə şamil olunsun. Biz bilirik ki, bunlar ticarətin dövriyyəsində müəyyən qədər ajiotaj, çətinlik  yaradır.
İkinci, mən dünən komitənin iclasında da dedim, zəhərli maddələrin siyahısında ilan zəhəri var. Amma biz bilirik ki, indi Azərbaycanda da əqrəb zəhərinin istehsalına çalışılır. Hörümçək zəhəri və digər zəhərlər də var. Biz Cinayət Məcəlləsinə düzəliş edirik. Sabah bir nəfər əqrəb zəhərindən təsirləndirilsə, necə olacaq? Ona görə də Nazirlər Kabinetinin mütəxəssisləri buna olumlu cavab verdilər. Ancaq mən elə hesab edirəm ki, ölkəmizə həm xaricdən gətirilir, həm də özündə ola bilər. Yəni kimyəvi reaksiyalar vasitəsi ilə əldə olunan maddələri başa düşürük. Amma bu təbii üsulla, yəni zoologiya, təbiətə aid olan məsələlərdə də, elə hesab edirəm, heç olmasa, ilan zəhəri ilə yanaşı, “Ona yaxın digər canlıların zəhəri” sözləri də getsin ki, sabah tövsif məsələsində, cinayət hadisələri baş verəndə və ümumiyyətlə, dərman hazırlığında bunlar nəzərə alınsın.
Yeri gəlmişkən, qeyd eləmək istəyirəm ki, bizim Zirədə böyük ilan yetişdirmə müəssisəmiz var idi və Sovet dövründən üzü bəri ölkəyə valyuta gətirirdi. O ilanları aparıb Ağsu və Göyçay rayonlarının arasındakı səhralara buraxdılar. Ümumiyyətlə, bu müəssisələrinin bərpası çox vacibdir. O vaxt inkubatordan cücə almaq və sair çətin idi. İndi çoxlu quşçuluq müəssisələri var, ilanları yemləmək mümkündür. Onu da deyim ki, onların sənaye üsulu ilə yetişdirilməsi imkanları Azərbaycanda böyükdür. Xahiş edərdim ki, bu məsələyə fikir verilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, mən qısaca bir məsələni demək istəyirəm. Burada Cinayət Məcəlləsindən söhbət gedir və konkret hüquqi hal nəzərdən keçirilir. Amma burada belə qeyri-müəyyən ifadə var: məhsullardan nağd qaydada xeyli miqdarda satma, belə məhsulları satış məqsədləri üçün nağd qaydada xeyli miqdarda alma. Bax bu “xeyli” qeyri-müəyyən bir ifadədir. “Xeyli miqdarda” nə deməkdir? Ya bunu mötərizədə dəqiqləşdirmək lazımdır, ya da konkret bir rəqəm göstərmək lazımdır bilək ki, tətbiq olunan 1000 manatdan 2000 manatadək cərimə konkret hansı halda nəyə şamil olunur. Əks təqdirdə hüquq mühafizə orqanları bu məsələdən sui-istifadə edəcəklər və sahibkarla aralarında ciddi məhkəmə məsələləri ortaya çıxacaq. Məncə, bu ifadəni dəqiqləşdirmək lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Cavanşir Feyziyev.
C.Feyziyev. Çox sağ olun, cənab Sədr. İkinci məsələ ilə bağlı bir neçə kəlmə demək istəyirəm. Bu dəyişikliyi biz oktyabr ayında etmişik. Ondan sonra bunun tətbiqi ilə bağlı iki dəfə cəhd olunub, amma heç bir nəticə olmayıb. Mən deyərdim ki, ümumiyyətlə, bu dəyişikliyi ya tamamilə aradan qaldırmaq, ya da ona yenidən baxmaq lazımdır, çünki 5 nazirlik, o cümlədən Ədliyyə Nazirliyi tərəfindən həmin dəyişikliyin edilməsinə mənfi rəy verilib. Ümumiyyətlə, bu dəyişiklik işləmir. Əgər qanun işləmirsə, məncə, onu dəfələrlə müzakirə edib qüvvədə saxlamağın əhəmiyyəti qalmır. Ona görə təklif edərdim ki, bu dəyişikliyə gələcəkdə bir daha qayıdılsın və o, Cinayət Məcəlləsində daha optimal bir variantda öz əksini tapsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Əli müəllim yəqin ki, bu sualların cavabını verəcək. “Xeyli miqdarda” məsələsi və digər suallar oldu. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, Oqtay müəllim. Cənab Sədr, birincisi, Tahir müəllimin qaldırdığı məsələ barəsində deyim. Mənə elə gəlir ki, hansı maddələr bu siyahıya əlavə oluna bilər, ya bilməz bu, çox ciddi peşəkarlıq tələb edən bir məsələdir. Çünki əlavə olunursa, artıq avtomatik məsuliyyətə səbəb olur. Biz bu məsələni dünən də bir daha müzakirə etdik. Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin direktoru Telman müəllimi də dəvət etmişdik. Səhiyyə Nazirliyi və Milli Elmlər Akademiyası hansı maddələrin zəhərli və güclü təsiri olması ilə bağlı böyük müzakirələr aparıb, işçi qrupu yaradıb və sonra bu siyahını tərtib ediblər. Yenə deyirəm, niyə bizim üçün zəhərli görünən maddə burada yoxdur sualının cavabını peşəkardan soruşmaq lazımdır. Telman müəllim bu məsələdə bizə yardımçı ola bilər və komitədə də bu sualları cavablandırdı.
Qanunun, əlbəttə ki, geriyə qüvvəsi mümkün deyil və belə bir yanaşma düşünülməyib. Qanunvericilikdəki “xeyli” və “külli” miqdarda anlayışları, əlbəttə, cinayət hüquqi ilə məşğul olan şəxslər üçün aydındır. Hörmətli millət vəkillərimiz də baxsalar, Cinayət Məcəlləsində, qeyd hissəsində xeyli və külli miqdarı görə bilərlər. Hansı hallarda “xeyli”, hansı hallarda “külli”. “Külli” və “xeyli” deyəndə hansı cinayətə görə hansı məbləğ nəzərdə tutulur və sair. Bu baxımdan hüquq mühafizə orqanları üçün sui-istifadə imkanları mümkün deyil. Yəni məbləğdən asılı olaraq xeyli olur, az miqdarda olur, külli miqdarda olur və sair. Təbii ki, o, məsuliyyətə də təsir edir, ona görə də hər bir bənddə də nəzərdə tutulub.
Nəhayət, Cavanşir müəllimin qaldırdığı məsələ ikinci əlavə ilə bağlı idi. “Pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla” – bizim etdiyimiz əlavə budur. Düzü, Cavanşir müəllim, mən məlumatsızam ki, hansı nazirliklər buna mənfi rəy verib və yaxud verməyib. Bizim etdiyimiz dəyişikliyin mahiyyəti nədir? Bir daha vurğulayıram, “tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla” anlayışı dispozisiyada var idi. Yəni digər hallarda aksiz markası yoxdursa, məsuliyyətə səbəb olurdu. Bura pivə əlavə olunub. Mən hesab edirəm ki, bu, indiki şəraitdə iqtisadiyyatımız üçün çox normal bir təklifdir.
Niyə işləmir, bu barədə məlumatsızam. Yəqin iş adamları, pivə və tütünlə məşğul olanlar bunu yaxşı bilərlər. Amma mən burada nə isə bir təhdid görə bilmirəm. Əksinə, hesab edirəm ki, pivə kimi az təsir edə bilən,  – hətta bununla bağlı xüsusi bir arayış var idi, – məmulatın pərakəndə satışı iqtisadiyyat üçün normal bir haldır. Başqa bir fikir varsa, başqa bir göstəriş olarsa, biz bunları araşdıra bilərik. Amma cənab Sədr, o nazirliklərin mənfi rəyindən biz məlumatsızıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birincisi, o nazirliklərin hamısı Nazirlər Kabinetinin tərkibindədir. Əgər bu qanun layihəsi Nazirlər Kabinetindən, Prezidentdən gəlibsə, deməli, onlarla razılaşdırılıb. Bizdə belə bir məlumat yoxdur ki, hansı isə nazirlik buna mənfi rəy verib.
İndi Rüfət Quliyev yazılıb. Rüfət müəllim, tütündən, pivədən danışacaqsınızsa, bunun cavabı verildi. Ona görə hesab edirəm ki, bu məsələni artıq səsə qoymaq lazımdır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Xahiş edirəm, gündəliyin 2-ci məsələsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 104
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, gündəliyin 3-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Xahiş edirəm, gündəliyin 4-cü məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, bugünkü iclasımız sona çatdı. Bir daha hamınızı qarşıdan gələn əziz, gözəl Novruz bayramı münasibəti ilə təbrik edir, sizə, ailənizə can sağlığı, xoşbəxtlik arzulayırıq! Sabah da inşaallah, bayram gəzintisi olacaq, bütün deputatlar dəvətlidir. Səhər görüşərik. Sağ olun.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi