2016-ci il 5 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 14

Milli Məclisin iclas salonu.
5 aprel 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda  Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 93
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elmira Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman). 
Aydın Səfixanlı, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri. 
Mehman Əmirəliyev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsinin müdiri. 
Faiq Ağayev, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin müdiri. 
Adil Eyvazov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının İnsan hüquqlarının müdafiəsi şöbəsi müdirinin müavini, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsi sektorunun müdiri.
Vüqar Heydərov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının Hüquqi maarifləndirmə, elmi-analitik, informasiya və beynəlxalq əlaqələr şöbəsinin informasiya və ictimaiyyətlə əlaqələr sektorunun müdiri.
 
İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.
2. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Fəzail İbrahimli, Qənirə Paşayeva, Zahid Oruc, Bahar Muradova, Siyavuş Novruzov, Musa Qasımlı, Ziyafət Əsgərov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Elmira Süleymanova, Ziyafət Əsgərov, Elmira Axundova, Zahid Oruc, Hadi Rəcəbli, Qənirə Paşayeva, Fərəc Quliyev, Aqiyə Naxçıvanlı, Fəzail Ağamalı, Siyavuş Novruzov, Fuad Muradov, Bahar Muradova, Əflatun Amaşov, Tahir Kərimli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

2. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

7. “İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

8. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

9. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

10. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Çingiz Qənizadə, Muxtar Babayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.40 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

13. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

15. “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

16. “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

17. “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əhliman Əmiraslanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV


MİLLİ  MƏCLİSİN  İCLASI

5 aprel  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 93
Yetərsay 83

Yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Gündəlik qəbul edildi, sağ olun. İclasa başlaya bilərik. İcazə verin, iclasa başlamazdan əvvəl mövcud vəziyyət ilə əlaqədar bir-iki kəlmə ilə öz fikrimi söyləyim. Bildiyiniz kimi, bu illər ərzində Azərbaycan atəşkəsə həmişə sadiq olmuşdur. Hər dəfə də Azərbaycan  bir  nailiyyət əldə edəndə Ermənistan tərəfdən təxribatla rastlaşırdı. Mülki əhalimiz böyük çaplı silahlardan atəşə tutulurdu və biz cavab atəşi ilə bunları susdururduq. Ancaq son vaxtlar erməni silahlı qüvvələri bizim mülki şəxsləri artıq mərmilərlə  atəşə  tuturdular. Mən hesab edirəm, Azərbaycan  ordusu  artıq dözmədi və  bildiyiniz kimi, aprelin 1-dən 2-nə keçən gecə ermənilərin təxribatına cavab olaraq güclü bir əməliyyat keçirdi.  Azərbaycan bir daha öz gücünü göstərərək erməni qoşunlarını yerində otuzdurdu. O yüksəkliklər ki oradan Azərbaycanın mülki əhalisi atəş altında saxlanırdı, onlar  Azərbaycan ordusu tərəfindən alındı. Ancaq gərginlik bu günə kimi davam edir. Azərbaycan o yüksəklikləri alandan sonra növbəti atəşkəs elan edildi ki, bu məsələlər öz həllini tapsın. Lakin Ermənistan tərəfi atəşkəslə razılaşmadı və yenə bu istiqamətdə öz hücumlarını davam etdirdi.
Siz yəqin ki, dünən  Azərbaycan dövlətinin mövqeyini, Xarici İşlər Nazirliyinin mövqeyini eşitdiniz. Biz ancaq Ermənistan öz silahlı qüvvələrini Dağlıq Qarabağdan çıxarandan sonra  hansısa  danışıqlara gedə bilərik. Azərbaycan öz torpağında vuruşur, Dağlıq Qarabağda vuruşan Ermənistan ordusudur. Biz  hamımız bunu yaxşı bilirik. Biz bu məsələnin status-kvo vəziyyəti almasına razı deyilik. Azərbaycan  əlindən gələni edəcək ki, Dağlıq Qarabağın azad olunması istiqamətində nəhayət ki, bir hərəkətə başlanılsın.
Bu gün bildiyiniz kimi, Minsk qrupu toplanır, ancaq Minsk qrupunun bu toplantısına bir inam yoxdur. Yəqin ki, Azərbaycanın qoyduğu şərtlər yerinə yetirilməsə, bu gərginliyin necə olacağını gələcək göstərər. Mən istəyirəm, bizim Azərbaycan  ordusuna bu dəqiq əməliyyata görə  çox sağ ol deyək. Bizim əsgərlərimiz böyük igidlik göstəriblər. Aydındır, biz də şəhidlər vermişik. Bizim şəhidlərimiz var. Mən  xahiş edirəm, bizim bu qəhrəman şəhidlərimizi bir dəqiqəlik sükutla yad edək. (Hamı ayağa qalxır.) Allah ölənlərə rəhmət eləsin, yaralananlara isə şəfa versin.
Mən əminəm ki, bizim millət vəkilləri həm öz mətbuatımızı, həm də dünya mətbuatını izləyirlər.  Dünya artıq Azərbaycanın mövqeyini, demək olar, qəbul eləyir və biz inanmaq istəyirik ki, beynəlxalq təşkilatlar  Qarabağ məsələsinin həllində öz qəti sözlərini deyəcəklər. İndi əgər müzakirələrə ehtiyac varsa, keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda buyurun, yazılın. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Cənab Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri!  Mən də ilk öncə xalqımızı bu kiçik qələbə münasibəti ilə təbrik edirəm. Əminəm ki, biz böyük qələbəni tezliklə qeyd edəcəyik və nəhayət, mənfur işğalçıları öz torpaqlarımızdan qovacağıq. Oqtay müəllim, Sizin də söylədiyiniz kimi, əsgərlərimiz, həqiqətən, böyük şücaət göstəriblər. Biz hamımız bilirik ki, əslində, hücum edən ordu daha çox itki verir. Ermənilər 22 ildir orada dəmir-beton istehkamlar qurmuşdular və  hər zaman da öyünürdülər ki, əgər Azərbaycan ordusu torpaqları azad etmək istəsə, layiqli cavab verəcəklər. Amma biz göstərdik ki, kiçik itkilərlə Ermənistanı darmadağın edə bilərik. Psixoloji baxımdan artıq Ermənistan sınıb, ona görə ki, o illüziyalar dağılıb. Ermənistan xalqında belə bir fikir yaratmışdılar ki, guya Ermənistan ordusu məğlubedilməzdir və Azərbaycanı hər zaman məğlub edə bilər. Düşünürəm ki, bu qələbələr davam eləməlidir.
Mən təklif edirəm, biz bu gün parlamentin adından, yəni bunu bizim Məclisin adından Siz də edə bilərsiniz, Ermənistan xalqına, dünya ictimaiyyətinə müraciət qəbul edək ki, – cənab Prezident Təhlükəsizlik Şurasının iclasında da söylədi, biz heç kəsin ölümünü istəmirik, – əgər erməni anaları  öz övladlarının ölümünü istəmirlərsə, onda onlar  başqa dövlətlərin xüsusi xidmət orqanlarının əlində alətə çevrilmiş o Sarkisyan rejimindən xilas olmalı və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdırlar, ancaq bundan sonra regionda sülh olmalıdır. Onlar da bütün transmillli layihələrə qoşulmalı, iqtisadi əlaqələr qurulmalı, infrastruktur və kommunikasiya xətləri açılmalıdır və sair. Düşünürəm ki, belə bir müraciət  etsək, yaxşı olar.
Həm də Oqtay müəllim, mən bir də onu söyləmək istəyirəm ki,  özüm şəxsən əmək haqqımın bir hissəsini Silahlı Qüvvələrə Yardım Fonduna köçürəcəyəm və Azərbaycanın bütün imkanlı insanlarına da müraciət eləyirəm ki,  onlar da bu fonda yardım göstərsinlər. Bu  təkcə maddi tərəfin  deyil, həm də ordu ilə bizim  bir olmağımızın göstəricisi olar. Ona görə də mən  həmkarlarımı da çağırıram ki, biz bu təşəbbüsə qoşulaq. Ermənistan tərəfdə düşünürəm ki,  vahimə yaranıb, onlar artıq qaçmağa başlayıblar. Ermənistan ordusunun rəhbərliyi, Ermənistan liderləri başlarını itiriblər, onların havadarları təşviş içindədirlər. Düşünürəm, bu məqamdan, həqiqətən, sona qədər istifadə etmək lazımdır. Doğrudan da, işğalçıların başlarını əzməyin zamanı gəlib çatıb və mən əminəm ki, bu dəfə belə də olacaq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siz müraciət dediniz, mən hesab edirəm ki, heç bir müraciət lazım deyil. Mən təkrarlamadım, çünki təkrar olardı. Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti Təhlükəsizlik Şurasında hamısını dedi, xəbərdarlıq da elədi. Bir sözü də bu oldu ki, erməni əsgəri ölmək istəmirsə, qayıtsın öz yerinə. Təzədən bizim  çağırış eləməyimiz düzgün deyil. Mən hesab edirəm, bir şeyi düz deyirsiniz ki, erməni ordusu, – bunu dövlət də, Xarici İşlər Nazirliyi də öz qərarında deyib, –  Dağlıq Qarabağ torpaqlarından çıxmalı, bu məsələ öz həllini tapmalıdır. Fəzail İbrahimli buyursun.
F.İbrahimli. Təşəkkür edirəm, cənab Sədr. Bu gün dünya ictimaiyyətinin nəzər-diqqəti Dağlıq Qarabağ hadisələrinə yönəlib. İşğal başladığı gündən bu günə qədər heç vaxt dünya Dağlıq Qarabağ məsələsinə bu qədər önəmli əhəmiyyət verməmiş, narahat olmamış, qulaqardına vurmuşdu. Bu gün isə susan, mövqeyini ikili standartlardan  ifadə edən, bu məsələdə özünü görməməzliyə vuran hər  bir dövlət artıq başa düşüb ki, bu məsələ kifayət qədər ciddi məsələdir. Aprelin 2-də baş vermiş hadisə, ümumiyyətlə, bu günə qədər davam edən hadisələr belə bir sindromu sındırdı ki, Dağlıq Qarabağı donmuş münaqişələr sırasında hesab etmək olmaz. Bu, bunun beynəlxalq tələbidir. Beynəlxalq ictimaiyyət artıq Azərbaycanın haqq işinə, kifayət qədər qüdrətli mövqeyinə, qətiyyətli addımlarına qarşı öz reaksiyasını verməkdədir.
Bunun digər bir tərəfi də oldu. Biz dostumuzu və düşmənimizi artıq kifayət qədər tanıdıq. Bir daha bu məsələlərdə bizə qarşı olan münasibət kifayət qədər aydın oldu. Mən buradan, bu tribunadan  bizi bu məsələdə dəstəkləyən bütün dövlətlərə bir az iri çıxsa da, parlament adından bir parlamentari kimi təşəkkürümü bildirirəm. Xüsusən dost Türkiyə dövlətinə  bu məsələdə minnətdarlığımı ifadə edirəm. Bu məsələnin hərbi-siyasi tərəfi nədən ibarətdir? Bu günə qədər, bu hadisələrə qədər dövlət başçısı bəyan edirdi ki, Azərbaycan güclü dövlətdir, güclü ordusu var. Bunu ideoloji bir istiqamət, bir səmt kimi qiymətləndirən dövlətlər bunun, sadəcə olaraq, şüar deyil,  real olduğunu bir daha dərk etdilər.
Üçüncü bir tərəfi ondan ibarətdir ki, bu günə qədər Azərbaycan rəhbərliyi, dövlət başçısı, cənab Prezident bütün mötəbər təşkilatlarda həmişə bəyan edib, əgər Azərbaycanın haqq işi beynəlxalq hüquq normasının müstəvisində həll edilməsə, Azərbaycan öz torpağını azad etmək niyyətindədir. Dodaq büzənlər, qulaqardına verənlər,  yenə də deyirəm, bunun bir ideoloji çağırış olduğunu güman edənlər  aprelin 2-dən sonra baş verən olaylardan bir daha başa düşdülər ki, Azərbaycan dövləti öz torpaqlarını işğaldan azad etmək qüdrətindədir. Sadəcə olaraq, beynəlxalq hüquq normaları  bu məsələlərin yubadılmasına gətirib çıxarır. Digər bir məsələ isə bu oldu ki, dövlətin və  Prezidentin qətiyyəti üzə çıxdı. Bilirsiniz, dövlət də şəxsiyyət kimi bir şeydir. Özünü qoruya bilirsənsə, səni qoruyurlar.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk öncə dövlətimizi, xalqımızı, ordumuzu əldə etdiyimiz qələbə münasibəti ilə təbrik edir və inanıram ki, xalqımız, ordumuz torpaqlarımızı tamamilə işğaldan azad edəcək, biz daha böyük qələbələr qazanacağıq. Sizin də vurğuladığınız kimi, cənab Sədr, təbii ki, Azərbaycanın bu məsələdə haqlı mövqeyinə qarşı  heç bir beynəlxalq təşkilatın  iradı ola bilməz. Çünki Azərbaycan öz torpaqlarını işğaldan azad edir və bu günə qədər də Azərbaycan Ali Baş Komandan, cənab Prezident səviyyəsində  dəfələrlə xəbərdarlıq edirdi ki, Azərbaycan xalqı  illərlə bu işğalın davam etməsi ilə razılaşmayacaq, razılaşa da bilməz. Mülki insanlarımıza qarşı törədilən insanlıqdankənar əməllərdə Ermənistanın durdurulması üçün  beynəlxalq təşkilatlar, nümayəndə heyətimiz  nə qədər məsələ qaldırırdısa da,  çox təəssüf ki,  bu addımların durdurulması üçün Ermənistana qarşı heç bir təzyiq göstərilmirdi. Təbii ki, ordumuz  düşmənə lazım olan cavabı verərək, əslində, Azərbaycan ordusunun, dövlətinin və xalqının  gücünü göstərdi.
Bu gün dünyada hər kəs  gördü ki, bu məsələdə bütün Azərbaycan xalqı birmənalı olaraq Ali Baş Komandanın və ordumuzun yanındadır. Bəlkə bunu gözləməyənlər vardı. Onların belə bir xülyaları vardı ki, illər keçəcək,  yeni, gənc nəsil böyüyəcək və işğal altında olan torpaqlara duyarlılıq hissi bəlkə də əvvəlki kimi olmayacaq. Bu fikirdə olanlara Azərbaycan xalqı lazımi cavabı verdi. Biz 25 il əvvəlki kimi torpaqlarımıza sahibik və Ali Baş Komandanın dediyi kimi, heç bir zaman onun bir qarışından da vaz keçməyəcəyik. Mən şəhid analarımızdan birini ziyarət etdim. O ananın dediyi sözü burada təkrarlamaq  istəyirəm: “Mənim övladım zəng edəndə dəfələrlə mənə deyirdi ki, mən şəhid olsam, ağlamayın, çünki Vətən üçün can verməyə hamımız hazır olmalıyıq”. Mən bütün o şəhidlərimizi böyüdən ailələrin qarşısında baş əyirəm ki, belə dəyərli övladlar böyüdüblər.
Mən də Silahlı Qüvvələrə Yardım Fonduna dəstəklə bağlı Qüdrət müəllimin təklifini dəstəkləyirəm və  bütün gənclərimizi daha fəal olmağa çağırıram. Bu gün qarşımızdakı informasiya müharibəsində erməni diasporu, lobbisi yalanlarla, özlərinin qeyri-insani, vəhşi hərəkətlərini Azərbaycanın ayağına yazmaqla təbliğat aparırlar. Bunu durdurmaq üçün bütün diasporumuz,  gənclərimiz informasiya müharibəsində daha böyük qələbə qazanaq deyə, sosial mediada, hər yerdə fəal olmalıdırlar.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Biz hamımız fərqindəyik ki, Azərbaycan üçün, Qarabağ üçün yeni bir tarixin yaşantısı içindəyik və bu, yeni mərhələdir. 2 apreldən sonra Azərbaycanın həyatında yeni bir başlanğıc nöqtəsi qoyulub. Bunu Azərbaycan əsgəri edib. Biz fərqində olmalıyıq ki, bu gün əsgərimizin qan tökərək, həyatını verərək azad elədiyi hər qarış torpaq vətəndir və biz ona görə xalqımızı və ordumuzu təbrik eləməliyik. Bunu cəsarətlə  eləməliyik, çünki bunun içində 1990-cı illərdən fərqli olaraq heç bir eyforiya yoxdur. Heç şübhəsiz ki, 1990-cı illər ilə müqayisədə çoxlu məsələlər var. Azərbaycanın siyasi elitası əvvəlkindən fərqli olaraq indi vahiddir. Azərbaycan ordusu hansısa partiyalara deyil, vahid,  nizami bir qüvvə kimi, böyük bir güc kimi Ali Baş Komandana tabedir. Azərbaycan xalqı vahiddir. Azərbaycan insanı bu gün özünü ordunun bir hissəsi kimi hiss edir. Amma bunun qarşılığında erməni tərəfi, Ermənistan və Dağlıq Qarabağdakı erməniçilik 1990-cı illərdəki Azərbaycanın vəziyyətini xatırladır.
Bu gün səngərdə ölən erməninin  günahkarı Sarkisyandır, çünki  əsgərinin başının arxasına avtomatı dirəyib, itirilmiş yüksəklikləri, mövqeləri qaytarıb almağı tələb eləyən odur. Amma 1990-cı illərdən fərqli olaraq bu ermənilərin eyforiyası yoxdur, çünki o vaxt böyük Ermənistan və böyük torpaqlar iddiasında olanlar bu dövr ərzində gördülər ki,  sarkisyanlar qazandılar, xalq isə itirdi. Qarabağda erməni xalqı yaşamayıb. Azərbaycan əsgərlərinin bu əməliyyatı sübut elədi ki, Qarabağda erməni xalqı olmayıb. Burada 30 minə qədər Ermənistandan gətirilmiş hərbçilər,  qoca ermənilər, bir də kənardan gətirilmiş ermənilər olub.
Azərbaycan ordusu xalqına söykənib orada döyüşür, erməninin qazdığı səngər Azərbaycan torpağıdır. O səngəri onlar üçün qəbirə çevirən də Azərbaycan əsgəridir. Ona görə də biz bilməliyik, ermənilər təxribatlarına davam edərək bu münaqişəni təzədən beynəlmiləlləşdirməyə çağırır. Təzədən bu prosesi Rusiyanın cavabdehliyinə verməyə cəhd edir, yaxud Türkiyənin rolundan danışırlar. Azərbaycan dünyaya bir daha hayqırır, bir daha  çağırış eləyir ki, orada savaşan nə Amerikadır, nə Rusiyadır, nə də Türkiyədir. Orada savaşan  bu illər ərzində dünyaya hayqırıb səsi eşidilməyən Azərbaycan ordusudur. Ona görə də ordumuzun qələbəsini siyasətçilər müdafiə eləməyi bacarmalıdırlar. Biz 1990-cı illərdə bunu bacarmamışdıq. Ordumuzun qələbəsini Azərbaycan vətəndaşı müdafiə eləməyi bacarmalıdır. Bizim hamımız bu gün səngərdəyik. Bunun içində bir zərrə qədər pafos yoxdur. Diplomatımız da, siyasətçimiz də, partiyamız da, bütün qüvvələrimiz də ordumuzun yanındadır.
Sədrlik edən. Sağ olun. Bu sözlərə qüvvət, bir məsələni demək istəyirəm. Bilirsiniz ki, bütün təmas xətti boyunca bizim mülki əhali yaşayır. Mülki əhalimizdən bir nəfər adam belə yerindən çıxmayıb. Hər kəs yerində qalıb, hər kəs öz evində yaşayır. Bir dəfə Ermənistana həmlə cavabı verildi, artıq Mardakertdən başlayıb Şuşaya kimi bütün ermənilər qaçdılar. Əsas durum budur. Əsas durum xalqın dövlətimizə, ordumuza inamıdır.
İkinci, ermənilər öz siqnallarını həmişə alıblar. Cənab Prezident dəfələrlə deyib ki, Azərbaycanın ərazi bütövlüyü danışıqlar predmeti deyil. Bu anlaşılmalıdır. Biz siyasətimizi bu istiqamətdə davam etdirməliyik. Ona görə də biz çox dərinə getməyək. Məsələlər artıq yavaş-yavaş öz yerini tapmağa başlayır. Mən güman edirəm ki, Bahar xanımın getdiyi rayon təmas nöqtəsində idi. O da bir kəlmə oradakı vəziyyətdən desin. Buyurun, Bahar xanım.
B.Muradova. Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Əlbəttə, hər şeydən əvvəl həyatını ədalətin bərpası yolunda ləyaqətlə qurban verməyi bacaran Azərbaycan əsgərlərinin, şəhidlərimizin ruhunu yad edirəm, onlara bir daha Allahdan rəhmət diləyirəm. Əmin etmək istəyirəm ki, onların başladığı bu haqq işi mütləq sona çatacaq və onların qanı yerdə qalmayacaq. Onlar dünən tökülmüş qanların yerdə qalmaması üçün bu gün öz qanlarını tökdülər, öz canlarını fəda etdilər.
Oqtay müəllim vurğuladı, mən dünən Füzuliyə səfərdən qayıtmışam və demək istəyirəm ki, bütün gün ərzində intensiv görüşlər oldu,  ərazinin müxtəlif yerlərində biz əhali ilə görüşdük, şəhidlərin dəfn mərasimlərində iştirak etdik. Müşahidə etdiyim və daxilən qürur duyduğum və sizinlə bölüşmək istədiyim bir məqam var. Bəli, bu dəfəki vəziyyət 1990-cı illərin vəziyyəti ilə müqayisəyə gəlməyəcək dərəcədə fərqlidir. Qaçqınlığı, köçkünlüyü, onun dadını, əzablarını, acısını, ağrısını duymuş Azərbaycan insanı, təmas xəttində yaşayan mülki əhali tamamilə başqa əhvali-ruhiyyədədir. Bu əhvali-ruhiyyə döyüş əhvali-ruhiyyəsidir. Döyüşlərdən əldə olunan qələbələrin doğurduğu qürur, sevinc əhvali-ruhiyyəsidir. Bir gözü ağlayan, digər gözü gülən şəhid anaları vətən yolunda qurban verdikləri övladlarının fədakarlığından, onların şəhid olmaqdan çəkinmədiklərindən qürur duyurlar. Onlar da oğullarının qəhrəmanlıqlarını təkrar etmək niyyətlərini mənə bəyan etdilər. Bir də məndən  xahiş etdilər ki, onların bu mövqelərini Milli Məclis vasitəsilə Azərbaycan xalqına çatdırım. Hamı bilsin ki, təmas xəttində yaşayan mülki əhali hazırkı vəziyyətdə özünü, doğrudan da, səngərdə hiss edir və orada əsl səngər əhvali-ruhiyyəsi var. Ən ucqar nöqtəyə, təmas xəttinə ən yaxın əraziyə qədər heç kim öz yerindən tərpənməyib, hamı öz işində, gücündə, əkin-biçinindədir. Eyni zamanda, nəbzi bugünkü həyatın nəbzi ilə döyünür və istədikləri də ondan ibarətdir ki, başlanmış bu iş sona çatdırılsın, sonuncu Ermənistan əsgəri də Azərbaycan ərazisini tərk etsin və yalnız onda  vəziyyəti hədəflərimizə, məqsədlərimizə çatmış kimi  qəbul edə bilərik.
Ən  əsası, onların bir neçə xahişləri vardı, mən onları sizə çatdırmaq istəyirəm. Onlar döyüş əməliyyatları, onların ayrı-ayrı məqamları ilə bağlı sosial şəbəkələrdə, mətbuatda gedən bəzi yazılardan narahat olduqlarını bildirirlər. Bu təkcə onların narahatlığı deyil,  həm də ordumuzun, bu işə rəhbərlik edən qurumların narahatlığıdır ki, döyüş əməliyyatları, onların nəticələri ilə bağlı dəqiq mənbələrə söykənmədən məlumatların yayılmasına yol vermək olmaz. Bu və ya digər mövqelərimizin video çəkilişlərini, foto çəkilişlərini yaymağa ehtiyac yoxdur. Bütün bunlar, həqiqətən də, bizim ordumuzun apardığı işləri müəyyən təhlükə altında qoyur. Ən əsası, sosial şəbəkələrdəki paylaşımlara xüsusi diqqət yetirmək lazımdır. Bizə bəlli olmayan, tanımadığımız profillərin yaydıqları məlumatlara  heç də məqsədimizə və qarşımızda dayanan hədəflərə uyğun olmayan rəylər verməyimiz oradakı insanları çox narahat edir. Əlbəttə, hər kəsdən daha çox onlar Füzulidə olmaq istəyirlər, hər kəsdən daha çox onlar Şuşanın alınmasını istəyirlər. Amma vaxtından əvvəl hansısa məlumatların yayılması həm əhalini,  həm də müvafiq qurumları narahat edir.
Mənim bir daha vurğulamaq istədiyim əsas məqam ondan ibarətdir ki,  Azərbaycan vətəndaşının qaçqın, köçkün vəziyyətində olduğu illər ərzində  fikirlər səslənirdi ki, ərazilər alınacağı təqdirdə bu insanlar  yurdlarına qayıtmayacaqlar. Müharibə bərpa olunacağı, döyüşlər bərpa olunacağı təqdirdə bizim cavanlarımız, Qarabağı görməyən insanlarımız bu döyüşlərdə iştiraka az maraq göstərəcəklər. Amma siz görürsünüz ki, nəinki təmas xəttində, eləcə də ölkə miqyasında bütün gənclər ordu sıralarına çağırılmaq üçün Ali Baş Komandana müraciət edirlər, onlar bu müqəddəs işə öz töhfələrini vermək, Azərbaycan torpaqlarının son qarışına qədər azad olunması işində fədakarcasına iştirak etmək istəyirlər. Bax, bu, təmas xəttində olan əhaliyə daha böyük güc-qüvvət verir və hesab edirəm ki, biz bu mövqeyimizi ortaya qoymaqla Azərbaycan xalqının, Azərbaycan dövlətinin qarşısında dayanan məqsədləri yerinə yetirmək üçün ümumi işdə iştirak etməliyik və ən əsası, biz millət vəkilləri olaraq hər birimiz öz imkanlarımızdan, bəli, qazandığımız qələbənin daha davamlı olması və böyük qələbənin əldə edilməsi üçün bütün imkanlardan istifadə etməliyik.
Mən ATƏT nümayəndə heyətinin rəhbəri kimi vurğulamalıyam ki, Parlament Assambleyasının rəhbərinə  xüsusi məktubla müraciət etmişəm. Bu gün də Cənubi Qafqaz üzrə xüsusi nümayəndəyə məktub hazırlanır və onların hər birindən ən azı Avropa Şurası Parlament Assambleyası sədrinin  verdiyi bəyanata yaxın bir bəyanat verməsini  gözləyirik.  Cənab Prezidentin, yəni Ali Baş Komandanın da vurğuladığı kimi, son Ermənistan əsgəri Azərbaycan ərazisindən çıxmayana qədər hansı isə razılaşmadan, hansı isə atəşkəsə əməl etmədən söhbət gedə bilməz. Yalnız bu şəkildə biz danışıqlara başlaya bilərik. Ona görə də hesab edirəm, beynəlxalq təşkilatların nümayəndələri Azərbaycan xalqının iradəsini ifadə edən ölkə Prezidentinin bu çağırışına qoşulmalı, əgər, doğrudan da, insan qanının tökülməsini istəmirlərsə,  əgər, doğrudan da, havadarlıq etdikləri ermənilərin, onların övladlarının Azərbaycan ərazisində qanının tökülməsini istəmirlərsə, onlardan Azərbaycan ərazisini tərk etmələrini,  BMT-nin qətnamələrinin yerinə yetirilməsini tələb etməlidirlər.  Azərbaycan ərazisindən Ermənistan qoşunlarının çıxarılmasını tələb etməlidirlər. Bu, təmas xəttində yaşayan əhalinin bizdən istəyidir, ona görə də hesab edirəm ki, biz ən müxtəlif çağırışlarla çıxış edə bilərik. Amma ən əsas çağırışımız ondan ibarət olmalıdır ki, beynəlxalq ictimaiyyət öz üzərinə düşən vəzifəni yerinə yetirsin, ATƏT-in Minsk qrupu, onu səlahətləndirən beynəlxalq qurumlar öz vəzifələrini yerinə yetirsinlər. Mən bir daha  Azərbaycan ordusunu qazandığı bu qələbələr münasibəti ilə ürəkdən təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm. Qoy analarımız ağlamasınlar, qoy Azərbaycan torpağının hər qarışında tökülən qanlar yerdə qalmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Nəinki ATƏT, eləcə də Avropa Şurası Parlament Assambleyasının nümayəndə heyəti, NATO Parlament Assambleyasının nümayəndə heyəti və rəhbəri bütün həmkarlarına məktublar yazıb, vəziyyəti izah ediblər, biz də onlardan hər hansı bir reaksiya gözləyirik. Buyursun Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deyilən fikirlərə qoşuluram. Ordumuzu bu böyük qələbə münasibəti ilə təbrik edirəm, Azərbaycan xalqını təbrik edirəm və bu atılan addımlar Ali Baş Komandanın rəhbərliyi altında bir daha  bütün xalqın birliyini və  mövqeyini sübut etdi.  Azərbaycan xalqı bu məsələlərdə  Prezidentin,  ordunun ətrafında birləşdi  və öz mövqeyini ortaya qoydu. Artıq səfərbərlik idarələrində növbə düzülübdür, yaşından asılı olmayaraq, hər bir Azərbaycan vətəndaşı Silahlı Qüvvələrimizin sırasında vuruşmağa hazır olduğunu bəyan edib.
İkinci bir məsələ. Beynəlxalq təşkilatlar başa düşdülər ki, dondurulmuş münaqişə sülh demək deyil, dondurulmuş münaqişə hər an başlaya bilər və çox acı nəticələri ola bilər. ATƏT-in Minsk qrupunun yarıtmaz fəaliyyətinin nəticəsində bu münaqişə uzun müddətdir, məqsədli şəkildə uzadılırdı, yəni söhbət ondan gedir ki, Ermənistan arxayın idi, münaqişə nə qədər çox uzanacaqsa, Azərbaycanda  yetişəcək yeni nəslin  yaddaşından Dağlıq Qarabağ və işğal olunmuş rayonlar çıxacaq, onların döyüşkənlik ruhu aşağı düşəcək. Bu dəfəki vəziyyət tam bunun əksini göstərdi. Onlar gördülər ki, bütün Azərbaycan gəncləri əllərində Azərbaycan bayrağı meydanlardadır və hər biri döyüşə atılmağa hazırdır.
Üçüncü bir məsələ. Ermənistan  beynəlxalq hüquq normalarını kənara qoyub kollektiv təhlükəsizlik müqaviləsi ilə əhalisinin başını qatmağa çalışırdı ki, əgər bizə qarşı hər hansı bir addım atılsa, digər dövlətlər bu məsələyə qoşulacaqlar. Həmin dövlətlər də  onlara çox gözəl  cavab verdilər ki, döyüş Azərbaycan ərazisində gedir, Dağlıq Qarabağın ərazisində gedir, Azərbaycan torpaqlarında gedir, döyüş Ermənistanın ərazisində getmir ki, kim isə ona kömək göstərsin, yardım etsin. Bu da  illərlə  erməni əhalisinin arasında yaranmış mifi bir dəfəlik sındırdı və erməni qorxaqlığı artıq üzə çıxdı. Düşmən başa düşdü ki, artıq bunların himayəçiləri yoxdur və Azərbaycanla üzbəüz gəlməyə də onların heç bir gücü, qüvvəsi çatmır. Bu baxımdan da biz o məsələləri bütün ictimaiyyətə çatdırmalıyıq. Ordumuzun gücü, qüdrəti də bir daha onu göstərdi. Cənab Prezident həmişə qeyd edirdi ki, Cənubi Qafqazın da, postsovet məkanının da ən güclü ordularından biri  Azərbaycan ordusudur. Ordumuz öz təchizatı ilə, özünün döyüş ruhu ilə bunu bir daha sübuta yetirdi. Mən bir daha xalqımızı və ordumuzu təbrik edirəm. Hər birimiz  bu döyüşdə bir əsgərik, Ali Baş Komandanın əmri ilə döyüşə getməyə hazırıq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Saytlardan, sosial şəbəkələrdən danışdıq. Dünən də biz sosial şəbəkədə Ermənistanın bir saytına baxdıq, Dağlıq Qarabağda əsgərliyə gedənlərin kimlər olduğunu göstərirlər. 1990-cı illərin saqqallıları, 50–70 yaşlarında kişilər  həmin illərin köhnə gödəkçələrində gedib, əsgərliyə yazılıblar, silah götürüblər. Bu nə deməkdir? Bu o deməkdir ki, Dağlıq Qarabağın özündə cavanlar,  hərbiçilər yoxdur. Dağlıq Qarabağda müharibə aparanlar boyunlarına da almasalar, hamı bilir ki,  Ermənistandan gələn əsgərlərdir. Yəni onlar bu güclə Azərbaycanla heç bir məsələni həll edə bilməzlər. Bunu yaxşı başa düşürlər, ona görə də hazırda onların diasporları beynəlxalq təşkilatlarda, Amerikada, Fransada, hər yerdə hay-küy salırlar ki, Azərbaycan Ermənistanı işğal etməyə başlayıb. Erməni saytları yazırlar ki, 500 erməni ölüb, ermənilərin genosidi başlayıb. Yəni heç olmasa, erməni saytlarından yalan informasiyaları deyil, belə məsələləri versinlər,  özlərinin YouTube-a qoyduqları şəkilləri  versinlər.
Mən bir şeyi də sizə söyləmək istəyirəm ki, biz Ermənistana hücum etməmişdik, Ermənistan özü dəfələrlə təxribat edibdir. Son təxribatı da o oldu ki, mərmilərlə bizim kəndləri atəşə tutdular və Azərbaycan ordusu məcburən  buna  cavab verdi,  ilk həmləsi ilə də 3 dənə yüksəkliyi götürdü,  Azərbaycanın o kəndlərini artıq gündəlik həmlədən qurtardı. Ermənilər dayanmırlar, yenidən həmin əraziləri qaytarmaq istəyirlər. Hətta Sarkisyanın bir çıxışını vermişdilər ki, bəs əgər Azərbaycan razılaşsa, köhnə mövqelərə qayıtsa, biz danışıqlara gedərik. Sənin danışığın bizə lazım deyil, sən bizim torpaqları boşalt. Yəni vəziyyət belədir. Ona görə biz hər bir informasiyada Bahar xanımın dediyi kimi, diqqətli olmalıyıq. Yəni məlumatları sosial şəbəkədən götürsək də, düzgün şərh etməliyik. Mən dünən baxanda  bir daha anladım, həm də qürur hissi keçirdim ki, bu ermənilər gör kimə qarşı çıxırlar, onların bütün cavanları qaçıb,  təmas xəttində hələ savaş gedir, Şuşa şəhəri boşalır. Yəni bu məsələlər belə də davam edəcək, biz bunları təbliğ etməliyik. Musa Qasımlı.
M.Qasımlı. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son bir həftədə bizim ölkəmizin tarixində yeni bir keyfiyyət mərhələsi başlayıb. Son bir həftənin hadisələrini biz təhlil etsək, bir neçə məsələyə xüsusi diqqət yetirməliyik. Birinci, cənab Prezidentimizin rəhbərliyi altında ordu quruculuğuna verilən diqqətin nə qədər düzgün olduğunu gördük. Bu, bir daha göstərdi ki, diplomatiya gücə arxalanmalıdır, əgər təcavüzkar danışıqlarla məsələni həll etmirsə, əzilməlidir.
İkinci,  dövlətimizin və cənab Prezidentin yürütdüyü siyasətin düzgünlüyü ondan ibarət oldu ki, ermənilər həmişə informasiya müharibəsində  üstün idilərsə, Azərbaycanın hücum diplomatiyası nəticəsində onlar  bu dəfə beynəlxalq dəstəyi  görə bilmədilər.
Üçüncü, mən çox hörmətli cənab Sədrimizin saytlarımızla bağlı söylədikləri ilə tam şərikəm. Erməni saytları yazırlar ki, cəbhəyə erməni könüllüləri gedir, bizim saytlarımız da yazır, könüllülər gəlir. Burada mətbuat nümayəndələri oturub. Mən sizdən xahiş edirəm, onlar könüllü deyil, yazın terrorçu gəlir, başkəsən gəlir. Çünki bütün mətbuatı xarici təşkilatlar izləyirlər. Hər yerdə “təcavüzkar, işğalçı Ermənistan ordusu” yazmaq lazımdır. Biz informasiya müharibəsində hər şeyə, ifadələrimizə çox diqqət verməliyik. Mətbuatımızda gedir, – bu, mətbuat üçün deyil, yazmaq üçün demirəm, – xalqların öz müqəddəratını təyin etməsi. Xalqın öz müqəddəratını təyin etməsi yoxdur. Burada Ziyafət müəllim kimi çox hörmətli hüquqşünasımız oturub. Millətlərin öz müqəddəratını təyin etməsi var. Yəni ifadələrə biz fikir verək ki, bütün ideoloji mövqelərimiz daha güclü olsun. Mən ordumuzu bir daha təbrik edirəm. Bizim hər birimiz ordumuzun  və cənab Prezidentimizin yanındayıq. Çox hörmətli cənab Sədr, diqqətinizə görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, artıq çox vaxt keçir. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, mən də bir neçə kəlmə ilə bu neçə gün ərzində baş verən hadisələrlə əlaqədar fikrimi söyləmək istəyirəm və gəldiyim nəticələr nədən ibarətdir? Əvvəla, onu deyim ki, 1994-cü ildən bu yana, yəni atəşkəs rejimi elan olunandan bu yana bir gün də olsun Ermənistan tərəfi atəşkəs rejiminə əməl etməyib. Hər gün bilirsiniz, cəbhədə, təmas xəttində Ermənistan tərəfindən, Ermənistan ordusu tərəfindən təhdidlər, rejimin pozulması, mülki əhalinin, uşaqların, qocaların öldürülməsi baş verir. 1994-cü ildən bu yana  Azərbaycan həmişə özünün sülhə sadiq olduğunu, sülh prosesinə, danışıqlar prosesinə sadiq olduğunu göstərmişdir. Səbr göstərdik, dözdük. Nə qədər ki, bu atəşkəs rejimi  Ermənistan tərəfindən pozulurdu, biz danışıqlara gedirdik. Artıq bundan sonra imitasiya xətrinə danışıqlara getməyəcəyik. Möhtərəm cənab Prezidentimiz bunu dəfələrlə bəyan edib. Amma buna baxmayaraq, ermənilər öz havadarlarının əli ilə yenə də imitasiya edirdilər, danışıqlar xatirinə danışırdılar, təki status-kvo qalsın, bunlar təmas xəttində möhkəmlənsinlər, sonrası nə olacaq olacaq. Bununla da vəziyyəti uzatmaq istəyirdilər.
Amma son hadisələr bir daha göstərdi ki, ermənilər artıq, belə demək mümkündürsə, hədlərini aşıblar, cəzasız vəziyyətdən istifadə edirlər, çünki beynəlxalq təşkilatlar bunlara heç bir təzyiq göstərmir. Minsk qrupunun həmsədrlərinin heç biri konkret bir söz demir. Gəlirlər, bəyanat verirlər, amma əməldə bir iş yoxdur. Sonradan da məlum olur ki, əslində, Minsk qrupunun həmsədrləri elə bunlara dayaqdırlar, çox təəssüf, bu belədir. Baxmayaraq ki, bu Minsk qrupunun missiyası tamamilə başqa bir məsələ idi, onun missiyası sülhyaratma missiyası idi, amma biz bunu da görmədik. Demək olar, belə bir nəticəyə gəldik çıxdıq ki, artıq hüququn gücü işləmir, beynəlxalq hüquq işləmir. Nə etməliyik? Onda gücün hüququ işləyəcək. Belə olan vəziyyətdə Azərbaycan öz gücünü  göstərdi. Biz beynəlxalq hüquqa sadiqliyimizi bu günə qədər göstərmişik və bundan sonra da göstərəcəyik. Amma görünür hərdən gücün də hüququnu göstərmək,  üzr istəyirəm, donuzu darıdan çıxartmaq üçün güc tətbiq etmək lazımdır.
Mənim gəldiyim nəticə nədir? Birinci nəticə odur ki, düşmən tərəf Azərbaycan ordusunun gücünü gördü. Biz bir neçə il bundan əvvəl hərbi parad keçirəndə yadınızdadır, erməni saytları yazırdı ki, Azərbaycan bu silahları paradda göstərmək üçün alıb. Xeyir, biz onları sərgiləmək üçün almamışdıq, biz onları bax, bu gün üçün almışdıq.  Azərbaycan ordusu bu gün yüksək səviyyədə, dünyanın ən qabaqcıl texnologiyaları əsasında qurulmuş silahlardan istifadə edir və özü də bunlar idarə olunan dəqiq silahlardır. Düşmən də  ordumuzun gücünü gördü, bizim silahlarımızı gördü.
İkinci gəldiyim nəticə. 1994-cü ildən, hətta ondan da əvvəldən bu günə qədər olan dövrdə, mən hesab edirəm, psixoloji bir dönüş yarandı, Azərbaycan xalqı sözün həqiqi mənasında öz ordusunun cəsarətini gördü, rəşadətini gördü və bütövlükdə xalqımızda bir döyüş ruhu əmələ gəldi. Yəni Ermənistanda belə bir mif yaratmışdılar, hətta orada bir komandos deyirlər, nə deyirlər, belə bir çıxış etmişdi ki, bizdə elə silah var, Azərbaycan hələ onu görməyib, görəcək. Hanı o silah? Yəni Ermənistan ordusu haqqında mif  tamamilə mənasız sabun köpüyü idi, əridi, getdi. Bu da bizim xalqımızın, ordumuzun özünə inamını bir daha artırdı və bir daha sübut olundu ki, Ermənistan müstəqil dövlət deyil, heç müstəqil ordusu da yoxdur, heç əməlli-başlı silahı da yoxdur. Kimlərinsə qapazaltısı olaraq qalır. Belə qapazaltı olan dövlətin, əlbəttə, əməlli-başlı ordusu da ola bilməz.
Növbəti məsələ. Bu əməliyyatlardan sonra sözsüz ki, biz təxribata cavab verdik, bizim başqa çıxış yolumuz yox idi. Bunlar həmişə bizi təhdid edirdilər, təxribat edirdilər, amma, eyni zamanda, öz gücümüzü  göstərdikdən sonra artıq beynəlxalq təşkilatlar hərəkətə keçməyə başlayıblar. Onu da demək lazımdır ki, beynəlxalq təşkilatlardan, bütövlükdə dünya dövlətlərindən gələn reaksiyaların tam əksəriyyəti Azərbaycanı dəstəkləyir, çünki bu, Azərbaycanın haqq işidir. Beynəlxalq təşkilatlar artıq başa düşdülər ki, Dağlıq Qarabağ münaqişəsi dondurulmuş münaqişə deyil, bu, hər zaman alovlana bilən bir münaqişədir və bu, həll olunmalıdır. İndi, bundan sonra görək beynəlxalq təşkilatlar hansı işləri görəcəklər? Ona artıq bizim ayrıca qiymətimiz olacaq.
Növbəti gəldiyim nəticə budur ki, biz xalqla ordunun vəhdətinin bir daha  şahidi olduq. 10 milyona yaxın əhalimiz var, hər bir insan öz prezidentinin, öz dövlətinin ətrafında bir daha sıx birləşdi, gördü və əmin oldu ki, onun ordusu, onun dövləti və  onun prezidenti bu xalqın keşiyindədir, onun mənafeyini, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini müdafiə etməyə həmişə qadirdir.
Xüsusi bir məsələni qeyd eləmək istəyirəm, güc strukturları arasında, yəni mən bütün qoşun növlərini nəzərdə tuturam, çox əla koordinasiya var idi və bizim apardığımız hərbi əməliyyatlar çox savadlı, yüksək dərədəcə hərb elminin ən son  nailiyyətləri əsasında hazırlanmışdı. Bir məsələni də qeyd eləmək istəyirəm. Bu hadisələrdən sonra beynəlxalq təşkilatlara bir daha müraciət edirəm, xüsusilə Minsk qrupunun həmsədrlərinə müraciət edirəm ki, məsələyə düzgün qiymət versinlər,  düzgün yanaşsınlar. Minsk qrupunun həmsədrləri çox gözəl bilirlər ki, kim günahkardır, kim təqsirkardır, kim işğalın qurbanıdır. Əvvəldən də məlum idi ki, Azərbaycanın 20 faiz torpağı işğal olunub, Azərbaycan işğala məruz qalıb. Amma çox təəssüf edirəm ki, bu günə qədər işğalçını sığallayıblar, başını tumarlayıblar, sən işində ol, biz səni müdafiə edəcəyik deyiblər, amma bundan sonra belə olmayacaq. Yeri gəlmişkən, bir məsələni də deyim,  son vaxtlar xarici mətbuat orqanlarında bəzən baxırsan ki, Ermənistanı müdafiə edən muzdlu kütləvi informasiya vasitələrinin nümayəndələri tapılır. İstəyirəm, bilsinlər,  təmas xətti Azərbaycanın ərazisindədir. Hərbi əməliyyatlar Ermənistanın ərazisində deyil, Azərbaycanın ərazisində keçirilir və təmas xəttinin erməni qoşunları olan tərəfində mülki əhali yoxdur. Onlar çox hay-şivən salırlar ki, guya onların mülki əhalisi orada ölür, mülki əhali təmas xəttinin biz olan tərəfindədir və bizim mülki əhalimiz ölür, təhdid olunur, yaralanır. Bunu beynəlxalq təşkilatlar, Azərbaycanda olan səfirlər öz dövlətlərinə  düzgün çatdırmalıdırlar və nəhayət,  mən bir daha fürsətdən istifadə eləyib demək istəyirəm ki, sizin dediyiniz bütün fikirlərə qoşuluram, ordumuza yeni-yeni qələbələr arzulayıram. Dövlətimiz var olsun, Prezidentimiz var olsun, inşallah, qələbələrin dalı gələcək. Sağ olun.
Sədrlik edən. Sağ olun, bir  də yadıma düşdü, deyim. Dünən mən Nevada Ştatının  Parlament Assambleyasının sədrini qəbul edirdim,  Amerikanın səfiri ilə birlikdə. Səməd müəllim, Səfa müəllim də yanımda idilər, mən xəritəni qoydum qabağıma. Bu məsələləri sual verdilər,  izah elədim ki, təmas xəttində Azərbaycan əhalisi yaşayır. Erməni əhalisi harada yaşayır, Dağlıq Qarabağ haradadır, hamısını dedim, bu yenə başa düşmədi. Deyir, bəs bunlar nədir? Dedim, bu, 7 işğal olunmuş rayondur, Dağlıq Qarabağ ortada olan hissədir.  Çoxları bunu bilmir. Heyrətə gəldilər, bəzi sözlər də vəd elədilər.
Biz beynəlxalq təşkilatlarda əsas bunları başa salmalıyıq. Bizim həmkarlarımız həmişə deyirlər. Mən hesab edirəm ki, gedəndə o xəritələrlə getmək lazımdır ki, başa düşsünlər, Dağlıq Qarabağ haradadır. Biz danışırıq, onlar Dağlıq Qarabağ deyəndə, 7 rayon deyəndə, fikirləşirlər ki, hamısı elə Dağlıq Qarabağdır. Bu məsələləri hər yerdə izah eləməliyik. Çətin məsələ deyil, izah eləyib, göstərmək lazımdır. Əziyyət çəkmirik ki. Mən hesab edirəm, müzakirələrə 45 dəqiqə  vaxt ayırdıq, bəsdir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Bir dəqiqə, xahiş edirəm, 25 nəfər yazılan var, Sizdən də qabaqda olanlar var. Mən dedim ki, müzakirələr yarım saat olacaq, 45 dəqiqə elədik. Keçirik gündəliyə. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin illik məruzəsidir.  Buyurun, Elmira xanım.
E.Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, gününüz aydın olsun. Ən əvvəl uzun illərdir ki, gözlədiyimiz ərazi bütövlüyünün bərpası, məcburi köçkünlərimizin öz yurdlarına qayıtması və pozulmuş hüquqlarının bərpası ilə nəticələnəcək böyük qələbənin müjdəsi olan ordumuzun bu günlərdə cəbhədə qazandığı uğurlar münasibəti ilə bütün xalqımızı təbrik edir, daha böyük uğurlar arzulayıram. Hamımızın ürək ağrısı ilə qarşıladığımız, vətənin müdafiəsi uğrunda qəhrəmancasına şəhid olan igid əsgərlərimizə, həmçinin həlak olmuş mülki şəxslərə Allahdan rəhmət diləyir, onların ailələrinə, bütün xalqımıza başsağlığı verirəm.
Ötən ilin əlamətdar hadisəsi olan, demokratik, şəffaf, ədalətli şəraitdə keçirilmiş seçkilərdə Milli Məclisin deputatı seçilməyiniz münasibəti ilə sizin hər birinizi ürəkdən təbrik edir, fəaliyyətinizdə, o cümlədən ombudsmanla əməkdaşlığınızda uğurlar arzulayıram. Yeri gəlmişkən, Milli Məclisdə yeni komitələrin yaradılması insan hüquqlarının daha etibarlı təmin olunması üçün münbit şərait yaradır. İllik məruzəm artıq sizə təqdim edilib. Odur ki, icazə verin, ayrılmış vaxt çərçivəsində 2015-ci ildəki fəaliyyətimizlə bağlı əsas nəticə və tövsiyələri diqqətinizə çatdırım. Konstitusiya qanununa uyğun olaraq bildirmək istərdim ki, ümumiyyətlə, ötən ildə insan hüquqlarının daha səmərəli təmin edilməsi ilə bağlı ölkə Prezidenti tərəfindən dünyada gedən proseslərin Azərbaycana təsirinin azaldılmasına, böhranın dərinləşməsinin qarşısının alınmasına yönəlmiş çevik tərzli tədbirlərin keçirilməsinin, iqtisadi və sosial layihələrin icrasının, habelə struktur dəyişikliklərinin aparılmasının, məmur özbaşınalıqlarının və korrupsiyanın aradan qaldırılmasının, bütövlükdə idarəetmənin təkmilləşdirilməsinə yönəlmiş sistemli və sərt tədbirlərin dövlət-vətəndaş münasibətlərinin möhkəmlənməsində xüsusi əhəmiyyəti olmuşdur.
Bununla belə bəzi çətinliklərin və çatışmazlıqların mövcudluğu, işsizliyin, yoxsulluğun artması narahatlığa səbəb olmuşdur ki, bu sahədə də müvafiq tədbirlər görülür və davam etdirilir. Qeyd edim ki, ailə başçısı olan tənha qadınların, əlilliyi olan insanların ilk növbədə işlə təmin edilməsi məsələlərinin diqqətdə saxlanılması vacibdir. Eyni zamanda, məşğulluq xidmətlərinin fəaliyyəti də yenidən qurulmalı, əmək hüquqlarının daha etibarlı müdafiəsinə yönəldilməlidir. Korporativ məsuliyyət məsələsinə də diqqət artırılmalı, sahibkarların fəaliyyəti üçün daha geniş şərait yaradılmalı, əmək hüquqlarının etibarlılığının təmin edilməsi məqsədi ilə Dövlət Əmək Müfəttişliyinin işi də təkmilləşdirilməlidir. Sosial yönümlü bazar iqtisadiyyatının inkişafında mühüm rolu olan azad sahibkarlığın inkişafına real təminatlar verilməsi və münbit biznes mühitinin yaradılması məqsədi ilə orta və kiçik sahibkarlıq subyektlərinə gömrük və vergi güzəştləri daha da təkmilləşdirilməlidir. Bununla belə inhisarçılığa, haqsız rəqabətə, korrupsiyaya qarşı mübarizə daha da sərtləşdirilməli, bu tələbləri pozan şəxslər məsuliyyətə cəlb edilməlidirlər.
Cəbhəyanı bölgələrdə işsizlik problemi diqqətdə saxlanılmalı və onun həlli yolları müəyyən edilməlidir.  Həmin bölgələrdə iş yerlərinin demək olar ki, olmaması, atəş altında olan torpaqlarımızın tam istifadə oluna bilməməsi vəziyyəti daha da gərginləşdirir. Odur ki, ünvanlı sosial yardımın təyini zamanı istifadəsi mümkün olmayan torpaqlar, eyni zamanda, tam yararsız nəqliyyat vasitələri nəzərə alınmalıdır. Bu ərazilərdə düşmən qüvvələrinin açdığı atəş nəticəsində həlak olan, yaralanan  mülki şəxslər və ya onların ailələri üçün müavinətlərin, yaşayış evlərinə  və  əkin  sahələrinə dəymiş  ziyana uyğun kompensasiyanın müəyyən edilməsinə və vaxtında verilməsinə böyük ehtiyac vardır. Əhalinin qayğıya ehtiyacı olan, xüsusilə aztəminatlı ailələrə sosial  müavinətlərin təyin olunmasının hüquqi əsaslarını tənzimləyən “Sosial müavinətlər haqqında” Qanunun, habelə onların təyin olunması mexanizminin və təcrübəsinin  təkmilləşdirilməsi zəruridir. Təkliflər də nəzərə alınmaqla ünvanlı yardımın  təyin proseduru asanlaşdırılmaqdadır.
Nazirlər Kabinetinin məlum qərarına əsasən yeni redaksiyada təsbit olunmuş qaydalarda təhsil haqqı, habelə kredit öhdəliyi aradan qaldırılıb, müraciətlərin elektron formada verilməsi də təqdirəlayiq haldır. Lakin bu istiqamətdə işlərin daha uğurlu nəticələnməsi üçün nəzarət gücləndirilməlidir. Əlçatanlığın asanlaşdırılması məqsədi ilə ünvanlı sosial yardımın, habelə əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi məsələlərinin “ASAN xidmət” mərkəzlərinə həvalə olunması da sürətləndirilməli olan məqsədəuyğun tədbirdir. Qeyd edilənlərlə yanaşı, aztəminatlı ailələrin, xüsusilə qayğıya ehtiyacı olan əhali qruplarının vəziyyəti nəzarətdə saxlanılmalı, sosial dəstək proqramları hazırlanıb tətbiq edilməlidir.
Heydər Əliyev Fondu tərəfindən yaradılmış Talassemiya Mərkəzinin fəaliyyəti nəticəsində hemofiliyalı və talassemiyalı xəstələrin ömürlərinin uzadılmasına, əlillik və ölüm hallarının azalmasına nail olunmuşdur. Daun sindromlu uşaqlar üçün də yeni, tam müasir reabilitasiya mərkəzi artıq fəaliyyət göstərməkdədir. Eyni zamanda, çoxsaylı autizm  sindromlu uşaqlar üçün də müasir tipli reabilitasiya və tədris mərkəzinin yaradılmasına ehtiyac vardır. Çoxsaylı dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi, xüsusilə aztəminatlı şəxslər üçün əlçatanlığın təmin edilməsi də təqdirəlayiqdir. Artmaqda olan QİÇS, B və C hepatit virusuna yoluxmanın qarşısının alınması və müalicəsi məqsədi ilə dövlət hesabına verilən müasir dərman vasitələrinin siyahısının, habelə maarifləndirmə işinin genişləndirilməsi zəruridir.
Ölkə Prezidenti tərəfindən təsdiq edilmiş insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində milli fəaliyyət proqramının icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi məqsədi ilə Bakı, Gəncə, Bərdə, Cəlilabad və Qubada ölkənin 54 şəhər və rayonu əhatə olunmaqla silsilə regional ictimai dinləmələr, habelə Mərkəzi Seçki Komissiyası ilə birgə əməkdaşlıqda seçki hüququnun səmərəli təmin edilməsi ilə bağlı geniş tədbirlər keçirilmişdir.
2015-ci ildə 15 min 320 müraciət alınmışdır ki, bunlar 2014-cü illə müqayisədə 16 faiz artıqdır və bunların 64 faizi təmin olunmuşdur.  Mülkiyyət hüququnun pozulması ilə bağlı müraciətlərdə, əsasən, mülkiyyətdə olan əmlakın müvafiq məhkəmə qərarı olmadan yerli icra hakimiyyəti orqanı tərəfindən sökülməsi, xüsusi mülkiyyətdə olan torpaq sahəsinin ictimai ehtiyaclar üçün geri alınması və əvəzinin ödənilməməsi və ya əvəzində uyğun kompensasiyanın verilməməsi, vətəndaşlara məxsus evin, mənzilin, torpağın sənədləşdirilməsi zamanı Dövlət Reyestr Xidmətinin ərazi idarələri tərəfindən süründürməçiliyə yol verilməsi məsələləri öz əksini tapmışdır. Bu müraciətlərə əsasən görülmüş tədbirlər nəticəsində bir çox hallarda pozulmuş hüquqlar bərpa edilmişdir. Mənzillə təminat, yerli icra hakimiyyətləri tərəfindən fərdi mənzil tikintisi müraciətlərinə cavab verilməsi, əsassız imtinalar və süründürməçiliyə yol verilməsi, qəzalı vəziyyətdə olan mənzilin əsaslı təmir edilməsi və ya əvəzində yeni mənzilin verilməsi, təbii fəlakətin vurduğu ziyanın aradan qaldırılmasına yardım edilməsi, fərdi ev tikintisi üçün torpaq sahəsinin ayrılması, ətrafda aparılan tikinti işləri ilə bağlı mənzillərə dəymiş ziyanın aradan qaldırılmasına köməklik edilməsi kimi hallar mənzil hüququ ilə bağlı müraciətlərdə özünün əksini tapmışdır. Tikinti işləri zamanı binaların arasındakı məsafələrə dair normalara riayət edilməməsi yolların daha da dağılmasına, gediş-gəlişin çətinləşməsinə, yanğından mühafizə qaydalarının həyata keçirilməsinə böyük maneələr törədir. Bu hüququn təmini baxımından əlverişli üsul kimi nəhayət, ipoteka krediti almaq imkanlarının asanlaşdırılması, həmçinin sosial mənzil fondunun yaradılması əhalinin, xüsusilə gənc və aztəminatlı ailələrin mənzilə və yaşayış evlərinə artan tələbatını ödəyə bilərdi. Neçə illərdir ki, bu məsələ müzakirə olunur. Bunun nəhayət, sürətləndirilməsinə böyük ehtiyac var. Belə kreditlərin regionlarda da verilməsi əhalinin bölgələrdə dayanıqlığını və məskunlaşması proseslərini möhkəmləndirər, şəhərə axının qarşısını ala bilər.
Diqqətəlayiqdir ki, artıq regionlarda vəziyyətin dəyişməsi müəyyən dərəcədə şəhərlərdən regionlara axın prosesinin də başlamasına imkan vermişdir. Odur ki, mənzil probleminin səmərəli həlli üçün milli konsepsiyanın və dövlət proqramının hazırlanıb həyata keçirilməsinin zəruriliyini bir daha vurğulamaq istərdim. Xüsusilə Bakı şəhərində uzun illərdir ki, məcburi köçkünlər tərəfindən zəbt edilmiş mənzillərin sahiblərinin mənzil və mülkiyyət hüquqlarının pozulmasının aradan qaldırılması üçün həmin məcburi köçkün ailələrinin  tədricən yeni tikilən evlərə köçürülməsi və ev sahiblərinin öz evlərinə yiyələnməsinə şərait yaradılması vacibdir. Müxtəlif vaxtlarda, o cümlədən bələdiyyələrin fəaliyyətə başladığı vaxta qədər fərdi və tikinti üçün verilmiş torpaq sahələrində tikilmiş evlərin dövlət qeydiyyatına alınması üzrə tədbirlərin sürətləndirilməsi də mövcud çətinliklərin aradan qaldırılmasına imkan yaradardı.
2015-ci ilin fevral və dekabr aylarında manatın dəyərinin zəifləməsi nəticəsində banklardan dollarla kredit götürmüş və ödəmə imkanı olmayan vətəndaşlardan çoxsaylı müraciətlər və şikayətlər alınmışdır. Bəzi bankların yüksək mənfəət əldə etmək məqsədi ilə krediti guya sadə şəkildə verməsi, zamin və girov tələb etməməsi, əslində, insanları çıxılmaz vəziyyətə salmış, borclu ailələr yaşayış yerindən və əmlakından məhrum olmuşlar. Məhkəmə qərarları ilə bağlı müraciətlərdə qərarın icra edilməməsi, süründürməçiliyə yol verilməsi, icra məmurları tərəfindən etik davranış qaydalarının pozulması kimi hallar əksini tapmışdır. Yeri gəlmişkən, bəzi icra qurumlarının fəaliyyətində aşkar olunmuş ciddi nöqsanlara görə onların 35 nəfər  əməkdaşı intizam məsuliyyətinə cəlb olunmuşdur. Onlardan 2-si Ədliyyə Nazirliyindən xaric olunmuş, 3-ü isə tutduğu vəzifədən azad edilmişdir.
Artmaqda olan boşanmalar nəticəsində aliment müəyyən edilməsi və əmlakın bölünməsi zamanı məhkəmələr tərəfindən ana və uşaqların mənafeyi, o cümlədən sosial təminat, mənzil və mülkiyyət hüquqları nəzərə alınmalıdır. Əfsuslar ki, burada da nöqsanlar kifayət qədərdir. Aliment tələblərinin  icra işləri xüsusilə çoxluq təşkil edir. İşləməyən, rəsmi iş yeri olmayan, əmlakı olmayan, az məbləğdə pensiya və ya müavinət alan, əlilliyi olan şəxslərin, məhkumların aliment ödəmək imkanı təbii ki, olmur. Odur ki, illik məruzələrimdə, səlahiyyətli dövlət qurumlarına müraciətlərimdə bu problemin həlli məqsədi ilə aliment fondunun yaradılması təklif olunmuş və hələ də öz həllini gözləyir. Müraciət etmək hüququ ilə bağlı ərizələr bəzən vəzifəli şəxslər tərəfindən vətəndaşların qəbul edilməməsi, müraciətlərə cavab verilməməsi, formal və əsaslandırılmamış cavabların verilməsi, süründürməçilik halları ilə əlaqədar olmuşdur. Dəfələrlə illik məruzələrimdə vəzifəli şəxslər və məmurlar tərəfindən vətəndaşlara qarşı biganəlik, əhalinin problemlərinə laqeydlik, müraciətlərə zəruri diqqətin ayrılmaması və əhəmiyyət verilməməsi kimi hallar kəskin tənqid edilmiş, belə məmurlara və məsul vəzifəli şəxslərə qarşı ciddi tədbirlər görülməsi tələb olunmuşdur. Ölkə  Prezidentinin qətiyyətli tədbirləri nəticəsində idarəçiliyin təkmilləşdirilməsi və kadr islahatlarının aparılması əhali tərəfindən böyük razılıqla qarşılanmışdır. Vəzifələrinin öhdəsindən gəlməyən, korrupsiya hallarına yol verən, vətəndaşlara münasibətdə  etik davranış qaydalarını pozan bir sıra vəzifəli şəxslər və məmurlar intizam məsuliyyətinə cəlb edilmiş, o cümlədən tutduqları vəzifələrdən azad olunmuşlar.
Nəhayət, “Etik davranış qaydaları haqqında” Qanunun  müddəalarının tələblərini pozan 404 nəfər, o cümlədən 321 nəfəri  mərkəzi, 83 nəfəri isə yerli icra hakimiyyəti orqanlarından işdən çıxarılmış və yaxud da onlara inzibati tənbeh tətbiq edilmişdir. Ölkə Prezidentinin göstərişi ilə səlahiyyətli dövlət qurumlarının rəhbərlərinin, habelə “ASAN xidmət”in müntəzəm olaraq respublikanın şəhər və rayonlarında əhali ilə görüşlər keçirməsi, vətəndaşların qəbul edilməsi, onların dinlənilməsi, məsələlərin həlli ilə bağlı konkret tədbirlərin görülməsi rəğbətlə qarşılanır. Əvvəlki illik məruzələrimdə qeyd etdiyim kimi, bir daha bildirmək istərdim ki, mövcud vəziyyət insan hüquqlarının daha səmərəli müdafiəsi və etibarlı tənbeh edilməsi məqsədi ilə sosial-iqtisadi həyatın bütün sahələrində ictimai nəzarətin təbliğ edilməsini, həmçinin mərkəzi dövlət qurumları tərəfindən müvafiq yerli struktur bölmələrin işinə nəzarətin gücləndirilməsini tələb edir. Bu, ölkə Prezidenti tərəfindən də vurğulanmışdır. Sahibkarlığın inkişafının stimullaşdırılması, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının azaldılması və “ASAN xidmət” mərkəzlərinə verilməsi, sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında qanunun qəbul edilməsi, Maliyyə bazarlarına nəzarət  palatasının, habelə mərkəzi və yerli icra hakimiyyəti orqanlarında apellyasiya orqanları şuralarının yaradılması xüsusi əhəmiyyət kəsb edir.  Əməkdaşlarımız tərəfindən ölkə ərazisində olan 240-dan çox azadlıqdan məhrumetmə  yerlərinə, o cümlədən penitensiar müəssisələrə,  müvəqqəti saxlama yerlərinə, istintaq təcridxanalarına, uşaq evlərinə, ahıl və əlillərin saxlanıldığı qocalar evinə, internatlara, pansionatlara, psixiatriya xəstəxanalarına əvvəlcədən xəbərdarlıq edilmədən 329 başçəkmə həyata keçirilmişdir. Pozuntu aşkar edildiyi halda aradan qaldırılması üçün müəssisə rəhbərlərinə tövsiyələr verilmiş, tədbirlər görülmüş, qanun pozuntusuna yol vermiş əməkdaşlar cəzalandırılmışlar.  Vəzifədən sui-istifadə, vəzifə səlahiyyətlərini aşma və korrupsiya hallarına səbəb  və şəraitin aradan qaldırılmasına yönəldilmiş tədbirlər nəticəsində Penitensiar xidmətin pozuntulara yol verən 322 əməkdaşı intizam məsuliyyətinə cəlb edilmiş, bunların 18-i işdən çıxarılmış, 12-si isə ədliyyə orqanlarından tamamilə xaric olunmuşdur. 
Fəaliyyətim dövründə vəsatətimlə ümumilikdə 512 nəfər, 2015-ci ildə isə 38 məhkum əfv olunmuşdur. Bu da heç bir dövlətdə müşahidə olunmayan bir haldır ki, qısa müddətdə 10 amnistiya aktı və 61 əfv fərmanı imzalanmışdır. Cəzaçəkmə müəssisələrində yeni istehsalat sahələrinin və iş yerlərinin yaradılması məhkumların haqqı ödənilən əməyə cəlb edilməsi yolu ilə islah olunmasına xidmət etmiş olardı. Bu prosesə özəl sektorun da dəstəyi faydalı olar.
Ölkəmizdə müxtəlif dini baxışları olan insanların dostluq və əməkdaşlıq şəraitində yaşaması  tərəfimizdən  beynəlxalq tədbirlərdə daim diqqətə çatdırılmışdır. İnsan hüquqlarının müdafiəsində, fərdlər arasında münasibətlərin inkişafında əhəmiyyət daşıyan multikultiralizm  ənənələrinin qorunub saxlanılması, inkişaf etdirilməsi və geniş təbliği məqsədi ilə bütövlükdə islahatlar ili olan 2016-cı il  “Multikultiralizm ili” elan edilmişdir. Bu hərəkata qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyəti təşkilatları, icmaların özləri və dövlət qurumları maarifləndirmə tədbirləri keçirməklə qatılmışlar. Cinayətkarlığa, zorakılığa qarşı mübarizə, belə halların qarşısının alınması məqsədi ilə əhali arasında profilaktik işin gücləndirilməsi, dövlət qurumları, xüsusilə hüquq mühafizə orqanları tərəfindən müraciətlərin təxirə salınmadan araşdırılması daha da genişləndirilməlidir. Rəsmi məlumata əsasən aparılmış xidməti yoxlamaların nəticəsi üzrə müxtəlif nöqsan və çatışmazlıqlara yol verdiklərinə görə 37 prokurorluq işçisi, habelə insan hüquqlarının pozulması ilə bağlı Daxili İşlər Nazirliyinə daxil olmuş və təsdiq edilmiş 284 şikayət ərizəsi üzrə faktlarla bağlı 369 əməkdaş intizam məsuliyyətinə cəlb olunmuşdur. 
Uşaqların tələbatının ödənilməsi məqsədi ilə məktəbə-qədər  təhsil müəssisələri şəbəkəsinin genişləndirilməsinə diqqət artırılmalıdır. Bu, xüsusi diqqət tələb edir. Orta məktəblərdə təhsilin keyfiyyətinə nəzarət artırılmalı, uşaqlara qarşı fiziki və mənəvi zorakılığa görə məsuliyyət ciddiləşdirilməli, psixoloqların fəaliyyəti gücləndirilməli, müəllim-şagird münasibətlərinin müntəzəm  monitorinqi keçirilməlidir. Ümumiyyətlə, məktəbəqədər təhsil müəssisələrinin Təhsil Nazirliyinin tabeliyinə qaytarılması, həm bu müəssisələrin, həm də orta məktəblərin nazirliyin büdcəsindən maliyyələşdirilməsi məqsədəmüvafiqdir.
Qadınların bacarıqlarının, fəallıqlarının artırılması məqsədi ilə regionlarda treninqlərin keçirilməsi, lider qadınların hazırlanması üzrə tədbirlərin təşkil edilməsi ilə yanaşı, qadın sahibkarlara maliyyə və  təşkilati dəstəyin göstərilməsi, əlilliyi olan şəxslərin və ahılların münasib işlə təmin edilməsi, həvəsləndirilməsi məqsədi ilə onlara vergi güzəştlərinin edilməsi, habelə  kreditlərin verilməsi faydalı olardı. Dövlət strategiyalarının, plan və proqramlarının, hökumətin saziş qurumlarına hesabatlarının hazırlanması, bu proseslərə vətəndaş cəmiyyətinin cəlb olunması yüksək keyfiyyətli və tələbatlara cavab verən dövlət hesabatlarının təmin olunmasına xidmət edərdi.
İnsan hüquqları üzrə milli fəaliyyət proqramının təhlili göstərmişdir ki,  icra müddəti artıq başa çatmış bəndlərin yenisi ilə əvəz olunması, icrasında mütəmadi nəzərdə tutulmuş bəndlərin müvafiq  prioritetləri nəzərə alınmaqla, BMT-nin qəbul etdiyi davamlı inkişaf məqsədləri nəzərə alınmaqla, özümüzün “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası nəzərə alınmaqla yenidən baxılması və yeni redaksiyada verilməsi, habelə icraçı qurumların əməkdaşlığı ilə yerinə yetirilməsi tələb olunur. Ötən dövrlərdə  insan və vətəndaş hüquq və azadlıqlarının səmərəli təmin edilməsi, habelə əhalinin qayğıya ehtiyacı olan qruplarının sosial-iqtisadi problemlərinin kompleks şəkildə həllinə yönəlmiş bir çox  təklif və tövsiyələri müvafiq qanunvericilik aktlarında həyata keçirilmiş tədbirlər çərçivəsində öz həllini tapmışdır. 
Qeyd edilənlərlə yanaşı, illik məruzələrimdə dəfələrlə irəli sürülmüş, aidiyyəti dövlət qurumlarına göndərilmiş bir sıra təklif və tövsiyələr, o cümlədən “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi” haqqında, Avropa Şurası Konvensiyasının “Qadınlara qarşı və ailədə zorakılıq hallarının qarşısının alınması və mübarizəyə dair” konvensiyanın ratifikasiyasının sürətləndirilməsi, həmçinin Reproduktiv sağlamlıq haqqında, Pasientlərin hüquqlarının müdafiəsi, Yunial ədliyyə haqqında, Uşaqlara qarşı  cismani cəzalar əleyhinə qanun layihələrinin qəbul edilməsi və bir sıra digər məsələlər təəssüf ki, hələ də öz həllini tapmamışdır.
Əminəm ki, davamlı olaraq irəli sürdüyüm və ölkəmiz üçün prioritet təşkil edən bu təkliflərə islahatlar ili olan 2016-cı ildə yeni tərkibli Milli Məclis dəstək verəcəkdir və bu da ölkəmizdə insan hüquq və azadlıqlarının daha səmərəli təmin olunmasına xidmət edəcəkdir. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 
Sədrlik edən. Sağ olun, Elmira xanım. Hörmətli deputatlar, ombudsmanın hesabatının müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də fürsətdən istifadə edərək şəhidlərimizə Allahdan rəhmət diləyir, ailələrinə başsağlığı verirəm. İnanıram ki, onların qanı yerdə qalmayacaq. Doğrudan da, artıq səbir tükənib, Qərbin və Rusiyanın hər iki tərəfi sülhə çağırmaq kimi mənasız boş çağırışları insanlarda istehza və ikrah hissi oyadır. Hesab edirəm ki, mənfur erməni təcavüzkarlarına yerlərini göstərməyin vaxtı çatmışdı və biz bunu layiqincə etdik.
Bununla belə, hörmətli sədarət, bir vacib məsələyə toxunmaq istəyirdim. Onu gündəlikdə deyəcəkdim. Amma vaxt məhdudlaşdırılıb. Bu məsələ insan hüquqlarına birbaşa aiddir. Unutmayaq ki, ermənilər hər zaman terror yolu ilə mübarizə aparmağı sevirlər. Bu yaxınlarda bizi yeni terrorlarla hədələdilər. Bu, ciddi fakt kimi qəbul edilməlidir və  qabaqlayıcı tədbirlər görülməlidir. Hazırda bütün dünya – həm müsəlman, həm də xristian aləmi çoxsaylı terror  hücumlarına məruz qalır. İraq, Fransa, Belçika, Pakistan hadisələri buna canlı və dəhşətli sübutlardır. Terror hücumlarından ehtiyat edən bir sıra dövlətlər vətəndaşlarının təhlükəsizlik tədbirlərinin səviyyəsini artırmışlar. Bayram günlərini mən Rusiyanın paytaxtı Moskva şəhərində keçirmişdim. Orada həm teatr, muzey, həm də ticarət mərkəzlərinə baş çəkirdim,  eyni zamanda, metropolitendən də geniş istifadə edirdim. Ziyafət müəllim, onların yüksək təhlükəsizlik tədbirləri məni məmnun etdi. 100-dən çox teatrı,  ticarət  mərkəzi və sairi olan nəhəng, çoxmilyonlu şəhərin  ictimai yerlərində bütün girişlər metalaxtaran qurğularla təchiz olunub. Bundan əlavə, xüsusi hazırlanmış şəxslər tərəfindən hər bir insan və onun əşyaları çox ciddi yoxlanılır. Düzdür, bu, müəyyən sıxlıq və növbələr yaradır, lakin paytaxtın bütün sakinləri və qonaqları bu məcburi tədbirləri anlayışla qarşılayırlar, metropolitendə elanlar da verilir. Nəticədə, gördüyümüz kimi, Rusiyanın paytaxtında və digər şəhərlərində hələ  heç bir terror cəhdi məqsədinə çatmır.
Mən diqqəti Bakıdakı təhlükəsizlik tədbirlərinin səviyyəsinə yönəltmək istəyirəm. Tam məsuliyyətlə deyirəm ki, onlar indiki şəraitə heç uyğun deyil, xüsusilə də metromuzda. Hələ ki, Allahın ümidinə və hüquq mühafizə orqanlarının sayıqlığına görə Bakıda və digər böyük şəhərlərdə  sağ-salamat yaşayırıq. Amma bildiyimə görə, təhlükə hər an var. Hətta bu yaxınlarda yenə də xeyli sayda radikal və dini ekstremist qüvvələr Azərbaycanın regionlarında aşkar olunaraq saxlanılıb. Buna görə də Bakı Şəhər İcra Hakimiyyətindən, rayon icra hakimiyyətlərindən mənim israrlı xahişim  ondan ibarətdir ki, yubanmadan və hər hansı xoşagəlməz hadisə baş vermədən bu cür qabaqlayıcı tədbirləri həyata keçirməyə başlayaq. İlk növbədə bütün muzey, teatr, habelə iri ticarət mərkəzlərinin, ali məktəblərin girişlərində metalaxtaran qurğuların yerləşdirilməsi mütləq təmin olunsun. Bu qurğular respublikaya gətirilənə qədər isə əhalinin sıx olduğu yerlərin girişlərində mütləq yoxlama məntəqələri fəal fəaliyyət göstərsin. Yenə təkrar edirəm, heç kəs terror hücumlarından sığortalanmayıb. Ələlxüsus ona görə ki, bizim ölkəmiz faktiki olaraq müharibə şəraitində yaşamaqdadır. Buna görə də təhlükəsizlik tədbirləri təxirə salınmadan gücləndirilməlidir.
İndi isə mən Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin 2015-ci il üzrə illik məruzəsi haqqında bir neçə təklif və tövsiyə ilə çıxış etmək istərdim. Ümumiyyətlə, hesabat müfəssəl hazırlanıb. Müxtəlif sahələrdəki hüquq azadlıqlarının vəziyyəti dərin təhlil  edilib. Ombudsman Aparatı tərəfindən həyata keçirilən fəaliyyət ətraflı işıqlandırılıb. Müvafiq tösviyələr verilib, nəticələr çıxarılıb. Ümumiyyətlə, hesab edirəm ki, bu institut son illərdə Azərbaycanda insan hüquq və azadlıqlarının qorunması üzrə vacib alətə çevrilmişdir. Ombusmanın nüfuzu əsas insan hüquq və azadlıqlarına əməl olunmasına heç şübhəsiz, müsbət təsir edir. Ombudsman Aparatı heç bir şikayəti diqqətsiz qoymadan müxtəlif istiqamətlər üzrə fəal iş həyata keçirir.
Mənim birinci təklifim vətəndaşların şikayət və müraciətləri ilə bağlıdır. Ombudsman bəzi vəzifəli şəxsləri  və ayrı-ayrı məmurları tənqid edir ki, onlar vətəndaşlara qarşı biganəlik nümayiş etdirirlər, əhalinin problemlərinə laqeydlik göstərirlər, vətəndaşların müraciətlərinə lazımi diqqət ayırmırlar və sair. Əvvəla, istərdim ki, hörmətli ombudsman vətəndaşların şikayət və müraciətlərinə belə hörmətsiz yanaşma ilə bağlı bir neçə konkret misal gətirsin. Bu istəyim hesabatda problem olaraq qaldırılan, amma konkret misal gətirilməyən digər sahələrdə də vətəndaş hüquqlarının pozulmasına səbəb olan məmurların, hüquq mühafizə orqanları rəhbərlərinin ad və soyadlarının çəkilməməsinə də aiddir. Hesabatda “bəzi məmurlar”, “ayrı-ayrı polis əməkdaşları”, “bu və ya digər dövlət orqanı nümayəndələri” kimi ifadələr işlədilir. Hesab edirəm, əgər bir neçə konkret misal gətirilsəydi, bu daha təsiredici olardı.
Digər məsələ kənd yerləri də daxil olmaqla sosial mənzil fondunun yaradılmasının zəruriliyi barədə hörmətli ombudsmanın fikirləridir. Mən onunla eyni fikirdəyəm ki, aztəminatlı ailələrin çoxu öz evlərini yeniləndirmək iqtidarında deyillər. Buna görə də böyük ailələri ilə birlikdə çox sıx şəraitdə qəzalı evlərdə yaşayırlar. Ona görə ombudsmanın hesabatında köhnə və qəzalı mənzillərdə yaşayan vətəndaşların yeni mənzillərə köçürülməsi məsələsinin həlli məqsədi ilə müvafiq  dövlət proqramının hazırlanmasına və həyata keçirilməsinə böyük ehtiyac olduğu göstərilir. Mən bu məsələyə toxunmaq istərdim.  Xüsusilə vətəndaşların  yeni mənzillərə köçürülməsi  təklifi çox təqdirəlayiqdir. Çünki manatın devalvasiyası fonunda  ev almaq üçün  vətəndaşlara verilən müəyyən məbləğlər bir çox hallarda onların mənzil almasına kifayət etmir və etməyəcək. Hesab edirəm ki, mənzil problemi respublikada ən kəskin problemlərdəndir və təsadüfi deyil ki, ombudsman bu məsələyə öz hesabatında xüsusi yer ayırıb. Mən bunu alqışlayıram.
Ahıl şəxslərin təminatına gəldikdə,  ombudsman  tibb xidmətlərinin və dərmanların qiymətlərinin əlçatan olmasının zəruriliyini bildirir. Amma bazar iqtisadiyyatı şəraitində bunu hər zaman etmək  mümkün deyil. Apteklər öz  ziyanları üçün işləməzlər. Buna görə mən dəfələrlə təklif etmişdim ki, 80 yaşdan yuxarı qadın və kişilərin pensiyalarına dərman ala bilmələri üçün xüsusi əlavələr edilsin, – bu cür təcrübə Rusiyanın bir sıra regionlarında artıq var, – və ya 75–80 yaşdan yuxarı ahıllara əsas həyati dərmanlar xüsusi reseptlərlə dövlət hesabına verilsin. Bu sistem Qərb ölkələrinin çoxunda artıq tətbiq olunub. Xahiş edirəm, bu təklifi dəstəkləyəsiniz.
Nəhayət, burada bir çox deputatı narahat edən məsələyə gələk. Sülhün  təmin edilməsi, informasiya əldə etmək azadlığı  bölmələrində Siz mətbuata təzyiqlərdən danışırsınız, jurnalistlərin müdafiəsinə qalxırsınız. Bu normaldır və təqdirəlayiqdir. Amma hesabatın heç bir yerində o məsələyə toxunulmur ki, KİV, xüsusilə bəzi elektron saytlar son zamanlar kimlərinsə hesablaşması, rəqiblərə divan tutması, açıq reyketçilik və pul qazanmaq məkanına çevrilib. Jurnalistləri müdafiə etmək lazımdır. Bəs bizi, cəmiyyəti, deputatları, ictimai və dövlət xadimlərini bu cür jurnalistlərin qəddarlığından kim müdafiə edəcək? Düşünürəm ki, hökumətin jurnalistika və jurnalistlərə ayırdığı bu qədər qayğının nəticəsində bu gün qarşımızda başqa mənzərə olmalı idi. Biz əvvəllər Milli Məclisdə əlimizdə olmuş vasitəni, yəni informasiya üzrə müvəkkil vəzifəsini ixtisar etmişik. Onun funksiyasını hörmətli ombudsmanımıza vermişdik. Lakin bu qərarın qəbulundan bir neçə il keçməsinə baxmayaraq, informasiya üzrə müvəkkilin fəaliyyəti hələ də o qədər görünmür. Bunun da bir sıra obyektiv səbəbləri var. Heç də hər şey hörmətli Elmira Süleymanovadan asılı deyil. Ona görə hesab edirəm ki, biz bu məsələyə ya yenidən qayıtmalıyıq və informasiya üzrə müvəkkil vəzifəsini müstəqil qurum kimi bərpa etməliyik, ya da Ombudsman Aparatı daxilində Elmira Süleymanovaya əlavə səlahiyyətlər verməliyik.  
Bundan savayı, müvafiq qanunlar vasitəsilə Mətbuat Şurasına  daha geniş səlahiyyətlər verməliyik. Məsələn, bu və ya digər saytın fəaliyyətinin müvəqqəti dayandırılması.  Milli Televiziya və Radio Şurasına biz belə  geniş səlahiyyətlər vermişik. Düşünürəm ki, həm Ombudsman Aparatı, həm də Mətbuat Şurası jurnalistikada baş alıb gedən bu cür neqativ hallara qarşı daha təsirli mübarizə aparmalıdır. Ümumilikdə, ombudsmanın hesabatında problemlərin qoyuluş şəklini alqışlayıram. Bununla belə, daha çox konkretlik, konkret faktlar və ombudsmanın tövsiyələrinə müvafiq orqanlar tərəfindən daha çox diqqət ayrılmasını istərdim. Axı, hamımızın məramı eynidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, təklif var ki, 5 dəqiqəyə keçək. Yazılanlar çoxdur, digər məsələlərimiz də var. Etiraz etmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Reqlament 5 dəqiqə olsun. Zahid Oruc.
Z.Oruc. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Əlbəttə, ölkə  günün birinci yarısında qeyd etdiyimiz hərbi hadisələrə rəğmən öz həyatını yaşamaqda davam edir. Baxmayaraq ki, hamımızın beyni, düşüncəsi, ürəyi qeyd etdiyimiz o məkanda, əsgərlərimizlə bir yerdədir. Amma ölkənin konteksti bu gün hərbi məsələlərə kökləndiyindən hər hansı bir siyasi, ictimai, insan haqlarının dəyərləndirilməsi məsələsi bəlkə də bir çoxları üçün yabançı görünə bilər. Amma biz nəzərə almalıyıq ki, ölkədə hərbi vəziyyət elan olunmayıb, səfərbərlik tədbirləri həyata keçirilmir. Ona görə də hansısa siyasi fəaliyyət qadağan edilməyib və bunun da, təbii ki, öz səbəbləri var. Ölkənin xarici əlaqələrini nəzərə alanda, bunun  özünəməxsus ziyanları da var. Ona görə də bu müzakirələri müəyyən mənada təbii qarşılamaq lazımdır.
Birinci qaldıracağım məsələ hörmətli Elmira xanımın daşıdığı vəzifə ilə bağlıdır. Ombudsman institutu hərbi şəraitdə, müharibə vəziyyətində xüsusi bir önəm daşıyır. Bu gün Ermənistan tərəfi apardığı savaşa həmin bu insan haqları müvəkkili institutunu da qoşubdur. O da fəal bir şəkildə beynəlxalq dairələrə müraciət eləməkdədir. Biz çox arzulayırıq ki,  ombudsmanımızı  bu ictimai-siyasi, hərbi və milli mübarizəmizin önündə görək. Onsuz da Elmira xanım həmişə elə olub, kifayət qədər vətənpərvər bir insandır. Qoy o da həmin ermənilərə müraciət etsin ki, onlar silahlarını Sarkisyan rejiminin əleyhinə çevirsinlər. Bu, sadə çağırış ilə dərhal baş verməyəcək. Amma Azərbaycan hərbi təzyiqlərini artırdıqca, orada yad bir müharibədə olduqlarını dərk eləyən ermənilər başlarının arxasına dirənmiş  silahları, doğrudan da,  rəhbərlərinə qarşı çevirəcəklər.
İkinci qeyd etmək istədiyim məsələ ondan ibarətdir ki, əlbəttə, biz 2015-ci ilin dəyərləndirilməsi zamanı Milli Təhlükəsizlik Nazirliyi kimi bir qurumun ləğv olunmasının üstündən keçə bilmərik. Biz illərlə bu parlamentdə insan haqları vəziyyətinə dəyər vermişik, onu qiymətləndirmişik. Uğurlarımızdan kifayət qədər geniş bəhs etmişik, problemlərimizi də qabartmışıq. Mən indi yenə də bu məsələni hərbi şəraitə köçürüb demək istəyirəm ki,  həm təhlükəsizlik baxımından, həm əsgərimizin oradakı durumu cəhətindən, həm iqtisadi şəraitə görə, həm də Azərbaycan insanının beynini, ürəyini, iqtisadi imkanlarını oraya yönəltməyinə baxanda bu nazirliyin ləğvi, cinayətkar sistemin dağılması mühüm rol oynadı. Mən çox arzulayırdım ki, hörmətli Elmira xanım bu hesabat sənədində o məsələlərdən bəhs edəydi. Bunun üstündən sükut ilə keçmək olmaz. Beş dəqiqəni nəzərə alıb, daha  bir neçə məsələni qısa şəkildə demək istəyirəm.
Hörmətli Elmira xanım, bu günlərdə Tələbə Qəbulu üzrə Dövlət  Komissiyasının məlumatları getdi ki, son 20 il ərzində 16500-ə qədər tələbə təhsil haqlarını ödəyə bilmədiyindən təhsil sistemindən kənarda qalıb. Bu məsələni sizli-bizli hamımız təhsil qurumları ilə birgə müzakirə eləməliyik. Bu, ciddi bir problemdir. Bu insanların təhsilə əlçatanlığını təmin eləmək lazımdır.
Başqa bir məsələ, bu yaxınlarda Ali Məhkəmənin sədri Ramiz Mirzəyev  dollarla kredit  mövzusuna aydınlıq gətirərək vurğuladı ki, konstitusion olaraq dollarla kreditin verilməsi qanunsuzdur, bu, vətəndaş hüququnun pozulmasıdır. Çox yaxşı. Bizim Konstitusiyamıza görə Ali Məhkəmənin qanunvericilik təşəbbüsü hüququ var. O, belə  subyektlər sırasındadır. Siz də, biz də hamılıqla gəlin, bu addımı ataq. Bu ölkənin milli valyutası, milli pul vahidi manatdır. Qoy o manata hörmət naminə hər bir bank kreditlərini, heç olmasa, bu gündən sonra manatla versin və ya ən azı köhnələri təzədən dollar ekvivalentinə çevirməsin.
Başqa bir məsələ  onunla bağlıdır ki, bu gün penitensiar sistemdə çox böyük dəyişikliklərin olduğu qeyd olunub. Həqiqətən də, azadlıqdan məhrum olunmuş insanların islah edilməsi üçün bu cəzaçəkmə müəssisələrində çox böyük dəyişikliklər həyata keçirilir. Bunu danmaq olmaz. Amma cənab Prezidentin son əfv sərəncamından sonra azadlığa çıxan şəxslərdən birinin müsahibəsində bir cümlə mənim diqqətimi çəkdi. O, qeyd eləyir ki, orada mütaliə şəraiti, – yəni bu elə mənəvi islahçılığın bir elementidir, –  elə qurulub ki, dini ədəbiyyat həddən artıq çoxdur,  adamlar oradan kifayət qədər dinə yoluxdurulmuş, daha çox dini fikirlərə bağlanmış, dünyaya fundamentalist nəzəriyyə ilə baxan insanlar kimi çıxırlar. Yəni Siz Penitensiar xidmətə nəzarət eləyən qurumlar sırasındasınız, 17 nəfər nümayəndəniz var. Biz bu məsələni nəzarətdə saxlamalıyıq ki, bu belə olmasın.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H.Rəcəbli. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Artıq 13-cü dəfədir ki, parlamentdə ombudsman hesabat verir.  Azərbaycanda bu institut ilbəil təkmilləşir və bu, təqdim olunan hesabatda da  bir daha özünü bariz şəkildə göstərir. Bütövlükdə bizə təqdim olunan hesabat ilə tanış olmuşuq, yaxından öyrənmişik. Burada bir sıra məqamlara toxunmaq istəyirəm. Birinci məqam odur ki, Milli Məclisin komitələri ilə ombudsman institutunun çox maraqlı əməkdaşlıq formaları var. Bu həm qanun yaradıcılığı prosesi ilə bağlıdır, həm də qanunların təbliği ilə bağlı olan müzakirələrlə. Düşünürəm ki, bu əməkdaşlıq gələcəkdə  daha da inkişaf etməlidir.
İkinci istiqamət icra strukturları ilə ombudsman institutunun əməkdaşlığıdır. Burada,  əlbəttə, formaların biri də məktublarla müraciət edərək, mövcud nöqsanları çatdırmaqdır. Bunlar, əlbəttə, çox önəmli məsələlərdir. Mən nümunə üçün bəzi məqamlara diqqət yetirmək istəyirəm. Məsələn, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində kütləvi nöqsan və çatışmazlıqlar mövcuddur. Bizim qanunvericilik bazası baxımından burada bir sıra təkmilləşməyə ehtiyac var. Əlbəttə, icra strukturunda bir sıra işlər görülməli idi. Nəticədə nə oldu? Biz bu gün elektron hökumət elementlərinə keçmişik və inanın ki,  ərizə və şikayətlərin sayı dəfələrlə azalıb. Bizim komitəyə hər qəbulda təxminən 70-ə yaxın vətəndaş  gəlir. Orta hesabla parlamentin bu komitəsində, yəni bizdə 10–12 ərizə və şikayət mövcuddur. Bunların sayının azalması və eyni zamanda, müraciətlərin formasının dəyişməsi bizi sevindirir.
Mən digər bir məqama  üstünlük vermək istəyirəm. Ombudsman institutu  daha çox insanların hüquqi biliklərinin artırılması məsələsinə diqqət yetirməlidir. Bax, müraciətlərin böyük əksəriyyətində hüquqi savadsızlıq özünü göstərir. Adamlar qanunsuz istəkləri ilə parlamentə və digər orqanlara müraciət edirlər. Düşünürəm ki, həm parlamentin müvafiq strukturları, eyni zamanda, komitələr baxımından ombudsman bizim qanunlarımızın təbliği və cəmiyyətə çatdırılması məsələsində böyük iş görməlidir. 
Vaxtın azlığından mən 3 məqama xüsusi diqqət yetirmək istəyirəm. Bu hesabatın ikinci bölümünün üçüncü və dördüncü hissələri  ictimaiyyət  və kütləvi informasiya vasitələri ilə əlaqə məsələsidir. Burada mən hüquqi maarifləndirməni qeyd elədim. Eyni zamanda, Elmira xanımın dediyi bir sıra fikirləri dəstəkləyirəm. Elmira xanım ortaya çox diqqətəlayiq məsələlər  qoydu. Hamımızı düşündürən məsələ nədir? Əhali qruplarından söhbət gedir. Birinci bölümün üçüncü hissəsində qaçqın və məcburi köçkünlərin hüquqları məsələsidir. Sonra, beynəlxalq əlaqələr məsələsidir. Bu gün dünyada, Avropada azca qaçqın, köçkün görünür deyə,  Avropa dövlətləri bir-birlərinə dəyiblər, bir yerdə otura bilmirlər. Hər gün mətbuatda gərgin müzakirələr gedir. Amma Azərbaycan bir milyona yaxın qaçqın və məcburi köçkünü fədakarcasına  qəbul edib, yerbəyer etdi. Mən sizə açıq demək istəyirəm, qaçqın və məcburi köçkünlərin ərizə və şikayətləri daha azdır. Qaçqın və köçkünlər daha çox əməyə bağlı,  sözün əsl mənasında mərd  insanlardır. Amma buna baxmayaraq, bu gün ölkədə bu problemlər mövcuddur.
Mən möhtərəm Prezidenti onun cəsarətli addımı münasibəti ilə təbrik eləmək istəyirəm. Bu gün bizim döyüş bölgəsində olan ordumuzun fədakarlığı, qəhrəmanlığı xüsusilə təqdirəlayiqdir. Möhtərəm Prezidentimizin 2004-cü ildə imzaladığı xüsusi sərəncam var idi, qaçqın və məcburi köçkünlərlə bağlı proqram. Orada belə bir müddəa vardı, qlobal qayıdış məsələsi. Bu gün mən, Ziyafət müəllim, elan eləmək istəyirəm, bizim komitədə geridönmə, repatriasiya ilə bağlı qanun layihəsi işlənib. Bu layihə 15 ildir, bizim komitədədir. Mən hesab eləyirəm, ombudsman institutu ilə qaçqın və məcburi köçkün deputatlarımız bu layihənin hazırlanmasında fəal iştirak eləməlidirlər. Düşünürəm, biz məcburi köçkünlərimizin geridönmə məsələsini müzakirə eləməklə onların hüquqlarını qorumuş olacağıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də İnsan hüquqları üzrə müvəkkilin, hörmətli Elmira xanımın bu illik məruzəsini dəstəkləyirəm. Hamımız Elmira xanımın nə qədər fəal şəkildə fəaliyyət göstərdiyini bilirik. İnsanlarla münasibət, vətəndaşların qəbulu, onların qaldırdıqları məsələlər və hüquqlarının müdafiəsi ilə bağlı təkliflərin irəli sürülməsi hər zaman çox fəal şəkildə  bizim diqqətimizə çatdırılır. Təbii ki, bu məruzəyə dəstək verməklə biz, eyni zamanda, Elmira xanımın qaldırdığı bir sıra məsələləri də dəstəkləmiş oluruq. Bu məsələlərin  arasında mən bir neçəsini xüsusi vurğulamaq istəyirəm.  Elmira xanım, demək olar ki, son illər hər illik məruzəsində bu məsələləri qoyur və mənə elə gəlir ki, Milli Məclis olaraq biz bu məsələlərdə ona daha çox dəstək verməliyik. İlk öncə  Elmira xanımın məruzəsində ön cəbhə bölgələrimizdəki  məsələlərlə bağlı müəyyən təkliflər var. O təklifləri dəstəkləməklə bərabər mən həm də ön cəbhə bölgələrindən birini təmsil edən millət vəkiliyəm. Bu məsələni biz də qaldırmışdıq, ön cəbhədə yerləşən kəndlərimizlə bağlı xüsusi bir proqrama, dövlət proqramına ehtiyac var. Çünki son hadisələrdə  bir daha gördük ki, bizim ön cəbhədə yaşayan insanlarımız nə qədər qəhrəmandırlar, torpaqlarına, evlərinə, vətənlərinə nə qədər sadiqdirlər. Bu istiqamətdə onlara müəyyən güzəşt və imtiyazları nəzərdə tutan bir proqramın olması ilə bağlı burada  müəyyən təkliflər öz əksini tapsa, yaxşı olar.
İkinci, elə şəhidlərə gəlmişkən, mən burada bizim banklara müraciətlə bağlı bir təklif səsləndirmək istərdim. Bu yaxşı olardı. Bizim   vətənimiz üçün canlarından keçən şəhidlərimiz ki var, həmin şəhidlərimizdən hansılarının banklara borcu varsa və ya onların çətin vəziyyətdə olan ailələrinin banklara borcu varsa, mənə elə gəlir ki, bizim banklarımızın bunu dəyərləndirərək  bu borcların silinməsi məsələsinə baxmaları onlar tərəfindən cəmiyyətə verilən çox önəmli bir mesaj olardı.
Bir məsələni də söyləmək istəyirəm. Elmira xanımın vurğuladığı xüsusi məsələlərdən biri autizmli uşaqlar ilə bağlıdır. Biz aprel ayındayıq və aprel ayı bütün dünyada autizm ayı kimi qəbul olunur. Autizm sindromundan əziyyət çəkən uşaqları olan ailələrin müraciətləri də var. Necə ki, daun sindromlu uşaqlarımız üçün, bəzi qrup uşaqlar üçün dövlət tərəfindən addımlar atılıb, eləcə də autizmdən əziyyət çəkən uşaqlar üçün müəyyən bir reabilitasiya mərkəzinin açılmasına, onların sağlamlığı və təhsili ilə bağlı xüsusi bir mərkəzin olmasına və autizm sindromlu şəxslərə dövlət qayğısı haqqında qanunun qəbul edilməsinə çox böyük ehtiyac var. Belə ailələr bu xahişlə müraciət  edirlər. Elmira xanım  keçənilki kimi builki məruzədə də həmin məsələni gündəmə gətirib. Mənə elə gəlir ki, bu məsələnin də ciddi şəkildə dəstəklənərək  aprel ayı içərisində Milli Məclisin müzakirəsinə verilməsi  çox önəmlidir. Çünki bu, büdcədən böyük bir vəsait tələb etməyən məsələdir və buna baxılması o ailələrə dəstək istiqamətində çox önəmlidir.
İkinci məsələ. Elmira xanımın vurğuladığı kimi, bu məsələ də Milli Məclisdə dəfələrlə qaldırılıb. Əslində, bu da büdcədən böyük vəsait istəməyən bir məsələdir. Bu, ağır dərəcəli və total eşitmə azlığı olan uşaqlarda vaxtında kokulyar  implantasiya əməliyyatının, yəni daxili qulağın protezləşməsi əməliyyatının aparılması ilə bağlıdır. Çünki bu uşaqlara çox  kiçik yaşlarında yardım edilmədikdə onların hamısı sonra əlil statusunda  yaşayırlar və dövlət də buna kifayət qədər vəsait xərcləyir. Bu vəsaiti zamanında əməliyyatlara verməklə həm onların həyatını xilas etmək olar, həm də dövlətimiz gələcəkdə bu qədər böyük vəsait ayırmaq məcburiyyətində olmaz.
Bundan başqa pasiyentin hüquqlarının müdafiəsi haqqında qanunun qəbulu məsələsi ilə bərabər, Elmira xanım çox önəmli bir məsələyə də toxundu. Bu, qan xəstəliklərinin erkən  müayinə və müalicəsini  təmin etmək üçün DNK müayinələrinin aparılması ilə bağlı tibbi-genetik laboratoriyanın yaradılması məsələsidir. Bir çox ölkələrdə qan nümunələrinin başqa bir ölkəyə DNK müayinəsinə göndərilməsi hətta qadağan edilir. Buna millətin genetik fond məsələsi kimi də baxırlar. Ona görə, bu çox ciddi məsələdir. DNK müayinələrinin aparılması məqsədi ilə tibbi-genetik laboratoriyaların yaradılması bir çox xəstəliklərin, özəlliklə də qan xəstəliklərinin müalicəsinə köməklik edər.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, Ziyafət müəllim. Mən çox qısa bir çıxış edəcəyəm. Bu gün ölkədə yaranmış vəziyyət tamamilə Qarabağ məsələsinə köklənibdir. Bütün qurumlar, əslində, onlara aid olan səviyyədə bu məsələyə dəstək verməli və müdafiə etməlidirlər. Düşünürəm ki, Elmira xanımın da bu məsələlərlə bağlı, təbii ki, düşüncələri, müraciətləri vardır.  Ermənistan parlamentinin 1989-cu il dekabrın 1-də Dağlıq Qarabağın Ermənistana birləşməsi haqqında qəbul etdiyi bir qərarı vardı. Əslində, Ermənistanın özünün yaxasını kənara çəkməsi  ifşa olunan bir məsələdir. Hərçənd, deyilirdi ki, Dağlıq Qarabağda və ətrafında baş verən döyüşlərdə Ermənistanın əli yoxdur, o, iştirak etmir və sair. Amma son döyüşlər də göstərdi ki, ermənilərin öldürülmüş əsgərləri Yerevana aparılır və onların Ermənistan ordusunun əsgərləri olduğunu Ermənistanın Müdafiə Nazirliyi də etiraf etdi. Amma hər halda bu sənədin, yəni 1989-cu il dekabrın 1-də qəbul edilmiş o qərarın qüvvədən salınmasını tələb eləyən bir sənədin ombudsman institutu tərəfindən beynəlxalq təşkilatlara göndərilməsi, məncə, bu məsələlərdə çox əhəmiyyətli olardı. Çünki bu, ən azından Ermənistan tərəfinin davranışı üçün elə bir vəziyyət yaradacaq ki, ya bu sənədi gərək qüvvədən sala, ya da salmamaqla beynəlxalq qınağın qarşısında qala. Bu sənəd həm də  oradan zorla qovulmuş çoxsaylı Azərbaycan türklərinin, təbii ki, iradəsinə uyğun bir sənəd olmayıb və Ermənistanın da ifşa olunması üçün əhəmiyyətli olardı.
İkinci məsələ. Hər gün cəbhə bölgəsində hadisələr baş verir, təbii ki, döyüşlər gedir. Mən ombudsman institutunun baş verən hadisələrlə bağlı, dinc sakinlərin evlərinin vurulması, özlərinin  öldürülməsi, başqa faktlarla bağlı hər gün beynəlxalq təsisatlara sənədlərin göndərilməsini də əhəmiyyətli sayıram. Çünki Müdafiə Nazirliyinin və başqa qurumların mətbuat xidmətinin və yaxud da müvafiq strukturların verdiyi arayış ilə ombudsman institutunun verdiyi arayışa beynəlxalq təsisatlarda yanaşma fərqli ola bilər.
Üçüncü  məsələ. Televiziyalarda ombudsman saatının ayrılması, məncə, doğru olar. Ən azından həftədə bir-iki dəfə bu saatın olması və  burada hüquqi cəhətdən maarifləndirmə işinin görülməsi, yəni indiki dövrdə məhz Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə bağlı müəyyən izahatın, faktların, sənədlərin olduğu verilişlərin verilməsi  əhəmiyyətli olar. Mənim başqa daxili məsələlərlə bağlı da təkliflərim  var idi. Amma ölkənin bu gün kökləndiyi əhvali-ruhiyyəyə və Ermənistanla olan fəal müharibə fazasına görə digər məsələlərə toxunmaq istəmirəm. Hesab edirəm ki, bir çox məsələlərə ombudsman institutu toxunubdur. Kredit borcu olanların məsələsi ilə bağlı münasib bir təkliflər paketinin hazırlanması da məqsədəuyğun olardı. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, məlumdur ki, ombudsman təsisatının həyata keçirdiyi fəaliyyətin əsas məqsəd və məramı bütünlükdə insan hüquqlarının həyata keçirilməsinə, pozulmuş insan hüquqlarının bərpasına, vətəndaş cəmiyyətinin demokratiya meyarlarına cavab verən dövlətin və buna uyğun insan hüquqları sisteminin yaradılmasına yönəlmişdir. Mən ombudsmanın 2015-ci il üzrə illik məruzəsi ilə tanışam. Məruzə təkmil və əhatəli şəkildə hazırlanmışdır. Məruzədə xeyli səmərəli, konstruktiv təkliflər də irəli sürülmüşdür. Hesabatdan göründüyü kimi, ombudsman təsisatına vətəndaşların inam və etibarı artmışdır. Buraya müraciətlər əvvəlki illə müqayisədə 16 faizdən çox olmuşdur ki, bu da ombudsman təsisatına inamın müsbət göstəricisi kimi hesab oluna bilər.
Müvəkkilin təşəbbüsü ilə uşaq hüquqları ayının keçirilməsi, kimsəsiz və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsinin gücləndirilməsi, uşaqların sağlamlığı, reabilitasiyası və onların təhsillə bağlı məsələləri, aztəminatlı ailələrə, zorakılıq qurbanı olan şəxslərə dəstək, ana və uşaq ölümünün, qüsurlu uşaqların dünyaya gəlməsinin qarşısının alınması, qadın hüquqları ilə bağlı görülən işlər və irəli sürülən təkliflər Ailə, Qadın və Uşaq Məsələləri Komitəsi tərəfindən müsbət qiymətləndirilir. Komitəmiz hesab edir ki, Milli Məclisin aidiyyəti şöbələri tərəfindən qanunvericiliyin təkmilləşməsində ziddiyyətli məsələlərin aradan qaldırılmasına yönələn təkliflər diqqətlə araşdırılmalı və bu məqsədlə müvafiq işlər görülməlidir. Əlbəttə, ailələrlə, qadınlarla, uşaqlarla bağlı bütün problemlərin həllini mütləq mənada dövlətin üzərinə qoymaq düzgün olmazdı. Kimsəsiz, valideyn himayəsindən məhrum olan uşaqların himayəçiliyi ilə bağlı məsələlərə sahibkarları da cəlb etmək olardı. O cümlədən bu uşaqları himayə edən, işə götürən, ev verən və digər daimilik kəsb edən müavinətləri ödəyən sahibkarlara  dövlət tərəfindən  vergidə, gömrükdə, kreditdə və başqa sahələrdə güzəştlər də ola bilərdi.
Komitəmizdə aparılan müzakirələrdə də deyilmişdir ki, himayəçilik institutunun formalaşması vacibdir və bu sahəyə də müvafiq diqqətin artırılmasına ehtiyac vardır. Alimentlərlə bağlı müvəkkilin məruzəsində xeyli misal çəkildi. Biz də fikirləşirik ki, alimentlərlə bağlı məsələlərdə mövcud olan problemlərin həlli yolları mütləq tapılmalıdır. Elmira xanımın məruzədə qaldırdığı bir çox tövsiyələrə, əlbəttə, biz də dəstək veririk. Onu da deyim ki, Elmira xanımın məruzəsində qeyd olunan uşaqların informasiya və kommunikasiya texnologiyalarından istifadə qaydaları ilə bağlı təklifləri təqdirəlayiq hesab edirik və  bu, demək olar sosial sifarişdir. Komitəmiz  hazırda uşaqların sağlamlıqlarına və inkişaflarına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihəsi hazırlayır və Milli Məclisin müzakirəsinə təqdim edəcəkdir. Hesab edirəm ki, Elmira xanım, Sizin də müvafiq təklifləriniz bu qanun layihəsində öz əksini tapacaqdır. Ombudsmanın illik məruzəsini müsbət qiymətləndirirəm və həmkarlarımı ona səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri, media təmsilçiləri! Əlbəttə, son günlər qəhrəman milli ordumuzun göstərmiş olduğu qəhrəmanlıq və rəşadət haqqında mən də bir-iki kəlmə ilə fikirlərimi ifadə etmək istəyirəm. Məndən öncə dəyərli millət vəkillərinin ordumuzla bağlı söyləmiş olduqları bütün fikirləri dəstəkləyirəm, onlarla  həmrəyəm. Son iki-üç gündə baş vermiş  hadisələr Azərbaycan dövlətinin gücünü, Milli Ordumuzun qəhrəmanlığını, qüdrətini  dünyaya nümayiş etdirdi. İllərdən sonra, nəhayət, Azərbaycan ordusu Azərbaycana qələbənin  dadını verə bildi və mən əminəm ki, biz bu qələbəni sona çatdırmalıyıq.
Əlbəttə, bu gün Azərbaycana qarşı müxtəlif istiqamətlərdən çağırışlar var, beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər, onların rəsmi şəxsləri Azərbaycanı da, Ermənistanı da atəşkəsə əməl etməyə dəvət edirlər. Lakin onlar unudurlar ki, 20 ildən çoxdur, atəşkəsə əməl edən Azərbaycan atəşkəs haqqında müqaviləyə imza atarkən atəşkəsin əbədi və sonsuz olmasına imza atmayıb və bunu öz üzərinə bir öhdəlik kimi götürməyib. İllərdən bəri Ermənistan atəşkəs rejiminə əməl etmir və nəhayət, son günlər başlamış olan təxribat əməliyyatlarına qarşı Azərbaycanın, onun milli ordusunun vermiş olduğu cavab  xalqımızın bütün təbəqələrini tamamilə qane edir və o, birmənalı olaraq bu gün ordumuzla, dövlətimizlə, Prezidentimizlə bərabərdir. Mən düşünürəm ki, bu qələbəni biz sona çatdırmalıyıq. Beynəlxalq təşkilatlar Azərbaycana müraciət etmək əvəzinə Ermənistanı məcbur etməlidirlər ki,  ayrı-ayrı ölkələrin deputatlarının çağırışlarında olduğu kimi, əgər Ermənistan sülh danışıqlarına getməsə, ona sanksiyalar  tətbiq edilsin ki, Ermənistan Azərbaycandan silahlı qüvvələrini çıxarsın və beləliklə, bölgədə əmin-amanlıq, sülh bərpa olunsun, Azərbaycanın ərazi bütövlüyü təmin edilsin. Nə qədər ki, Ermənistanın son əsgəri Azərbaycandan çıxmayıbdır, bizim ordumuz silahını yerə qoymalı deyil, əksinə, bu qələbələri davam etdirməlidir və Azərbaycanın işğal olunmuş bütün torpaqlarında Azərbaycan bayrağı dalğalanmalıdır.
Mənim deyəcəyim ikinci məsələ bundan ibarətdir, mən hörmətli Ziyafət müəllimin o fikri ilə xüsusi olaraq şərikəm ki, hadisələrin gedişi göstərdi ki, bu gün Azərbaycan cəmiyyəti, Azərbaycan xalqı dövlətlə bərabərdir, Azərbaycan xalqı ordu ilə bərabərdir. Azərbaycan xalqı, Azərbaycan ordusu və Prezident. Bu üç fenomen bu gün Azərbaycana və dünyaya nümayiş etdirdi ki, Azərbaycan güclü dövlətdir, onun güclü xalqı və  ordusu var. Biz bu fenomenə söykənərək, ona əsaslanaraq ordumuzun bundan sonrakı hərbi əməliyyatlarına dəstək verməliyik, onu müdafiə etməliyik. Həm xaricdə, həm də ölkənin ali məktəblərində, ən müxtəlif təbəqələrində bu gün ordumuza böyük dəstək var. Biz bu dəstəkdən istifadə edib, nəhayət, ermənilərə yerlərini göstərməli, onlar üzərində qələbəmizi təmin etməliyik. Bizə bu qələbəni verdiklərinə görə cənab Prezidentə, eyni zamanda, Müdafiə Nazirliyinə, onun rəhbərliyinə, bütün komanda heyətinə, igid əsgərlərimizə bir millət vəkili olaraq öz dərin təşəkkürümü bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Biz burada ombudsmanın hesabatını dinlədik, yazılı şəkildə də təqdim olunubdur. Deputat həmkarlarım da çıxış etdilər, öz təklif və rəylərini bildirdilər. Mən hesab edirəm ki, çox geniş şəkildə hazırlanmış bu hesabat  təqdirəlayiqdir. Ümumiyyətlə, Ombudsman Aparatının fəaliyyəti, Elmira xanımın fəaliyyəti həmişə bizim diqqətimiz mərkəzində olubdur, insan hüquqları ilə bağlı məsələlərdə həmişə öndə gedibdir. Dünya ombudsmanları içərisində bizim ombudsmanın da xüsusi yeri var. Bütün beynəlxalq tədbirlərdə Elmira xanım Azərbaycanın haqq işinin çatdırılması, ərazi bütövlüyünün pozulması,  qaçqınların hüquqlarının müdafiəsi ilə bağlı məşğul olubdur, işçilərinin  sayının  az olmasına baxmayaraq, çoxsaylı işlər görübdür və mən hesab edirəm ki, bu hesabatı biz təqdirəlayiq hesab edərək  səs verib qəbul etməliyik. Çünki  həmkarlarım burada iştirak etsələr də, hər birinin ürəyi, qəlbi bu saat cəbhə bölgəsindədir. Hər bir insan öz rayonunda, seçildiyi rayonda baş verən hadisələri bilmək istəyir, orada bizim qəhrəmancasına həlak olan şəhidlərimiz var, onların dəfn mərasimləri keçirilir və sair. O baxımdan, Ziyafət müəllim, mən hesab edirəm ki, burada yoldaşlar kifayət qədər  danışdılar, bundan sonra geniş şəkildə bunun müzakirəsinə  ehtiyac yoxdur.
Bu yaxınlarda elə cənab Prezidentin əfv fərmanı ilə nə qədər insan azadlığa buraxıldı və təbii ki, bu, bir daha Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin humanist addımlarının nəticəsidir. Ümummilli lider hakimiyyətə gəldikdən sonra Azərbaycanda 20-dən artıq əfv sərəncamı imzalanıbdır və bu ardıcıllıq davam etməkdədir. Bir neçə amnistiya aktı olub ki, onun da biri hörmətli Mehriban xanım tərəfindən təqdim olundu və  azadlığa buraxılma və cəzasının çəkilməyən hissəsinin aradan qaldırılması 17 min insana şamil olundu. Yəni Azərbaycanda insan hüquqlarının qorunması dövlətin bilavasitə qarşısına qoyduğu vəzifədir və bu vəzifə də yerinə yetirilir. Əgər haralardasa  nə isə problemlər varsa, burada təklif edilən təkliflər də varsa, bunlar da toplanılacaq və gələcəkdə bu sahələrdə də müvafiq addımlar atılacaqdır. Bu baxımdan deputat həmkarlarımı bu məruzənin təsdiq olunmasına səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim, təşəkkür edirəm. Siyavuş müəllim təklif etdi ki, biz çıxışları yekunlaşdıraq. Amma indi mən sizinlə məsləhətləşməliyəm. Burada yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Davam edirik onda. Fuad Muradov.
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, burada həmkarlarım vurğuladılar, mən də gənclər adından qələbə bayramı ilə hamınızı təbrik etmək istəyirəm. Həqiqətən də, Azərbaycan ordusu Ali Baş Komandanın tapşırığını yüksək səviyyədə həyata keçirib. Təsəvvür edin, Ziyafət müəllim, ermənilər post qururlar ki, hərbiçilər oradan qaçmasınlar. Biz isə post qururuq ki, könüllülərimizin qarşısını alaq, çünki onlar  cəbhəyə getmək istəyirlər. Bu baxımdan Azərbaycan gəncləri arasında çox böyük sevgi və coşqu var. Mən inanıram ki, bu istiqamətdə Ali Baş Komandanımızın hər bir əmri bizim üçün əsas istiqamət olaraq qalır və bundan sonra da bu istiqamətdə hər şey edəcəyik.
Bu gün biz hörmətli ombudsmanımızın hesabatını dinlədik. Həmişə olduğu kimi, geniş mənada bütün sahələri əhatə etmişdi. Təbii ki, bu institutun yaranması, onun həyata keçirdiyi işlər çox müsbətdir və Elmira xanımın yaratdığı ombudsman institutunun fəaliyyəti göz qabağındadır. Mən Elmira xanıma təşəkkür edirəm ki, bu istiqamətdə çox ciddi işlər həyata keçirib. Elmira xanımın və ombudsman institutunun, ümumiyyətlə, beynəlxalq çərçivədə də böyük nüfuzu var. Ona görə bundan istifadə edərək, mən Elmira xanımdan xahiş edərdim ki, öz nüfuzundan istifadə etsin.
Bizim sakinlərimizin qırılmasında, xüsusən də azyaşlı uşaqların qırılmasında bilavasitə iştirak edən Serj Sarkisyan və onun ətrafında olan o insanlar  ki hərbi cinayətə bulaşıblar, onlarla bağlı beynəlxalq ombudsman şəbəkəsinə müraciət olunsun, çünki bu çox vacib məsələlərdən biridir. Siz bilirsiniz ki, bu yaxınlarda Radovan Karadzic hərbi məhkəmənin qarşısına çıxdı və həbs cəzasına məhkum olundu. Yəni artıq dünyada hərbi cinayətlərin ədalət məhkəməsinə çıxma prosesi başlayıb. Orada bir nömrəli namizəd  Serj Sarkisyandır. Bu baxımdan Elmira xanım, mən Sizdən çox xahiş edirəm ki, öz nüfuzunuzdan istifadə edərək beynəlxalq ombudsman şəbəkəsinə müraciət edəsiniz. Eyni zamanda, Sizin bu fəaliyyət illərində insan haqları ilə məşğul olan həm beynəlxalq təşkilatlarla, həm də müxtəlif institutlarla bir çox şəxsi əlaqələriniz var. Çox yaxşı olardı ki, – biz də bunu  dəstəkləyirik, – Siz bu istiqamətdə köməklik göstərəsiniz.
Hörmətli millət vəkilləri, son zamanlar bizim ordumuzun qazandığı qələbə ilə yanaşı, eyni zamanda, guya bəzi  sülhpərəst  insanlarımız var, onlar müraciət yayırlar ki, bəs bizə sülh lazımdır və sair. Təbii ki, sülh lazımdır, biz hamımız sülh istəyirik, amma bizim evimizə gəlib,  başımıza top atırlar və biz burada da deyək ki, atmaqda davam edin? Yəni bu, təbii ki, qəbulolunmazdır və bir qrup insan var, bunlar istifadə edib, siyasi dividend qazanmaq istəyirlər. Misal üçün, bu yaxınlarda cənab Prezidentin humanist addımı oldu, bir çox guya hüquq müdafiəçisi azadlığa buraxıldı və beynəlxalq tribunalarda, müxtəlif beynəlxalq nəşrlərdə bunlar palaz-palaz müraciətlər etdilər. Amma son 3 gündə mən o hüquq müdafiəçilərindən birinin də Ermənistanla bağlı, təcavüzlə bağlı nə isə dediyini eşitmədim. Əgər sizdə belə imkanlar varsa, siz beynəlxalq mətbuata çıxa bilirsinizsə, niyə o tribunadan istifadə edib demirsiniz ki, bizim dinc sakinlərimiz həlak olurlar. Ermənistanın təcavüzünün qarşısının alınması üçün heç olmasa, orada bir dənə söz deyin. Xeyir, onlar o tribunadan, sadəcə olaraq, öz şəxsi, siyasi maraqlarına görə istifadə edirlər.
Bəlkə indi bu söhbətin yeri deyil, amma məsələlər sakitləşəndən sonra biz mütləq şəkildə bunu müzakirə etməliyik ki, bu insanlar kimə işləyir, bunların hansı məqsədləri var? Sosial şəbəkələrdə, bayaq Bahar xanım, Siz çox düzgün vurğuladınız, müsbət  işlər də görülüb. Yəni sosial şəbəkələrdə  bizim gənclərimizin fəaliyyəti bir çox istiqamətdə fərqlənir. Ona görə mən çox istərdim ki,  nə bilim özlərini siyasi elm xadimi,  hüquq müdafiəçisi adlandıranlar indiki məqamda müxtəlif mətbuat orqanlarında  olan  dostlarından  istifadə etsinlər. Biz də, cəmiyyət də bunu gözləyirik.
Dünən biz Təbriz qardaşımızın, həmin helikopteri sürən bir pilotumuzun yas mərasimində iştirak edirdik. Üç dəfə həmin nöqtəyə gedib qayıdıb. Ona deyiblər ki, gəl, bir tikə çörək ye, deyib yox, mən  işimi görüm, sonra yeyərəm. Üçüncü dəfə, təəssüflər olsun ki, qayıda bilməyib. Eyni zamanda, biz indi bilirik ki, ermənilərin dostları olan beynəlxalq qurumlar həm cənab Prezidentlə bağlı, həm də ölkəmizlə bağlı  qarayaxma kampaniyasına əl atacaqlar. Ona görə biz ayıq olmalıyıq, dərhal onlara cavab verməliyik. Yəni biz heç nədən çəkinmirik, Azərbaycan xalqı, Azərbaycan gəncləri hər zaman cənab Prezidentin yanındadırlar  və biz bu istiqamətdə  dayanmadan işləməliyik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
müavini B.Muradova sədrlik edir

Sədrlik edən. Sağ olun, Fuad müəllim. Siz çox doğru vurğuladınız, bu məsələlər daim cəmiyyətin diqqət mərkəzində olmalıdır. Mən bir kəlmə ilə demək istəyirəm ki, biz İnsan hüquqları komitəsi olaraq ombudsmanın 2015-ci ildəki fəaliyyətinə dair məruzəni komitədə müzakirə etdik. Bu məruzədə göstərilən müsbət məqamlar, getdikcə onların əhatə dairəsinin genişlənməsi və İnsan hüquqları üzrə müvəkkilin cəmiyyətdə insan hüquq və azadlıqlarının, mülki-sosial və siyasi hüquqların tam qanunauyğun şəkildə reallaşması istiqamətindəki fəaliyyəti barədə komitədə danışıldı. Hesab edirəm ki, komitədə bu məsələ barədə səsləndirilən fikirlərin burada da sizin diqqətinizə çatdırılmasına ehtiyac var. Buyurun, Əflatun müəllim.
Ə.Amaşov. Çox sağ olun, hörmətli Bahar xanım. Hörmətli deputatlar, hörmətli media nümayəndələri! Mən də cəbhədən alınan xəbərlərlə bağlı xalqımızı təbrik edirəm, ordumuza uğurlar arzulayıram. İndi isə hörmətli müvəkkilimizin hesabatını dinlədik. İnsan hüquqları komitəsində biz məsələni müzakirə etdik, qiymətləndirdik. Mən istərdim ki, orada söylənilən fikirləri və digər fikirləri də əlavə edərək burada hörmətli deputatların nəzərinə çatdırım. Hesabat kifayət qədər əhatəlidir. İnsan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsi ilə bağlı məqamlar ətraflı təhlil olunub. Məruzədə fikir və söz azadlığı, informasiya əldə etmək azadlığı kimi hissələrin olması insan haqları məsələlərinə önəmli yanaşılmasından xəbər verir. Müsbət haldır ki, ombudsman bu müstəvidə başlayan prosesləri tam şəkildə diqqətdə saxlayıb. Hətta peşə fəaliyyəti ilə bağlı olmasa da, həbsdə olan jurnalistlərə baş çəkilməsi, onların saxlanma şəraiti ilə tanışlıq həssas münasibətin göstəricisidir. Bu da demokratik cəmiyyət quruculuğu baxımından təqdirəlayiqdir. Bununla yanaşı, bəzi məqamlara da toxunmaq istərdim.
Bildiyiniz kimi, müvəkkil informasiya sahibi olan dövlət və yerli özünüidarə orqanlarının, vəzifəli şəxslərin informasiya əldə etmək haqqında qanundan irəli gələn tələblərinin yerinə yetirilməsinə nəzarəti də həyata keçirir. Belə bir səlahiyyət demokratik cəmiyyət quruculuğu baxımından müstəsna əhəmiyyət kəsb edir. Məruzədə bildirilir ki, informasiya əldə etməklə bağlı 58 müraciət daxil olub. Əvvəla, düşünürəm ki, 58 müraciətin özünün də təfsilatlandırılması yaxşı olardı. Yəni biz konkret şəkildə bilməliyik ki, müraciətlərdə nələrdən söhbət açılır. Bu məqamı təsadüfən qabartmıram. Cəmiyyətə informasiyanın çatdırılmasında media orqanlarımız məsuliyyət daşıyır. Məlumdur ki, bir çoxları informasiyanın ilk mənbədən  alınmasında çətinliklərlə qarşılaşırlar. Ayrı-ayrı dövlət qurumlarına daxil olan idarə, müəssisə və təşkilatlardan informasiya almaq bəzən müşkülə çevrilir. Jurnalistlər bununla bağlı narazılıqlarını Mətbuat Şurasına bildirirlər. Doğrudur, ötən illərlə müqayisədə mövcud sahədə vəziyyət xeyli dərəcədə yaxşılaşıb. Ancaq qeyd etdiyim kimi, problemlər hələ də qalmaqdadır. Göründüyü kimi, müvəkkilin bu istiqamətdə də gördüyü işlər var, onlar məruzədə öz yerlərini alıblar. Ancaq məsələyə daha konkret yanaşmaq zərurəti meydana gəlir. Çünki “İnformasiya əldə etmək haqqında” Qanunda cəmiyyətə informasiyanın çatdırılması məsuliyyətinə fundamental yanaşılır. Hətta əvvəllər sənəddə informasiya məsələləri üzrə ayrıca təsisatın yaradılmasından da söhbət açılırdı. Sonralar bu sahə ilə bağlı məsələlər insan hüquqları üzrə müvəkkilə həvalə olundu. Yəni bu səlahiyyəti insan hüquqları üzrə müvəkkilə bizim parlamentimiz verib. İndi, məncə,  müvəkkildən bu sahə ilə bağlı 4 ildə hansı işlərin görülməsi ilə əlaqədar hesabat tələb etməyimizdə yəqin ki, heç bir qəbahət yoxdur. Bir sözlə, qanun sahənin spesifikliyini, əhəmiyyətini təsdiqləyir. Əməli fəaliyyət isə buna adekvat olmalıdır. Düşünürəm ki, müvəkkil  qarşıdakı illərdə bunu nəzərə alacaqdır.
Məruzədə qeyd edilir ki, “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinin icrasına nəzarətin həyata keçirilməsi məqsədi ilə müvəkkil aparatının strukturunun təkmilləşməsi, aidiyyəti əməkdaşların, ixtisaslaşmış texniklərin cəlb edilməsini nəzərdə tutan təkliflərin hazırlanması nəzərdə tutulur. Artıq yəqin ki, o təkliflər verilibdir. İnanıram ki, bunların tezliklə həyata keçirilməsi müvəkkilin qarşıdakı fəaliyyətini daha da uğurlu edəcəkdir. Bayaq burada Elmira Axundova və digər  həmkarlarım  cəbhə ilə əlaqədar danışdılar.
Son zamanlar Azərbaycan ordusu ilə yanaşı, Azərbaycan jurnalistikası da imtahan verdi və bu imtahan yenə də davam edir və əvvəlki hallara nisbətən bu dəfə Azərbaycan jurnalistikası demək olar ki, üzərinə düşən missiyanı tam olaraq yerinə yetirə bildi. Ancaq  bəzi xəbərləri  mənbələrə istinad etmədən tələsik vermələrini nəzərə almasaq,  bunlar kifayət qədər az oldu.  Mənə elə gəlir ki, Azərbaycan jurnalistikası bundan sonra da ümumi maraqlardan çıxış edəcək və üzərinə düşən missiyanı layiqincə yerinə yetirə biləcək. Mən fürsətdən istifadə edib bu sahədə əməyi olan jurnalistlərə təşəkkürümü bildirirəm. Ancaq Elmira Axundovanın dediyi  qanun pozuntuları və digər məqamlar ki var, mən istərdim, bu məsələlərə biz kompleks yanaşa bilək, hər zaman peşəkarlıq tələb edək.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, kifayət qədər çıxışlar oldu. Mən elə hesab edirəm ki, Tahir Kərimliyə də söz verək, yekunlaşdıraq. Etiraz eləmirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Tahir müəllim.
T.Kərimli. Təşəkkür edirəm. Ombudsmanın məruzəsi hesabat deyil, müstəqil qurumun məruzəsidir, ona görə biz buna qiymət verə bilmərik. Ancaq əlbəttə ki, dəyərləndirməliyik, çünki Elmira xanım özünün Milli Məclisə müraciətində xahiş edir ki, biz öz tövsiyələrimizi verək. Doğrudan da, deyim ki, çox böyük iş görülüb, Bahar xanım da burada qeyd elədi,   bu, komitədə də müzakirə edilib, eyni zamanda, böyük maarifləndirmə işi aparılıb. Aparat tərəfindən cəzaçəkmə müəssisələrində, istintaq təcridxanalarında, sosial yardım müəssisələrində çoxlu görüşlər keçirilib və bir sıra ciddi məsələlər qoyulub. Bu təkliflərdən  Rəqabət Məcəlləsinin qəbulu haqqında fikirləri, ödənişsiz təhsil təklifini, ödənişli hüquqi xidmət təklifini, bir sıra beynəlxalq konvensiyaların təsdiq olunması haqqında fikirləri yüksək qiymətləndirmək olar. Ümumiyyətlə, əhatəli məruzədir və əhatəli təkliflər də var. Ən mühümlərindən biri də bağlanmış Beynəlxalq Universitetin məzunlarının diplom ala bilməməsi haqqında ombudsmanın narahatçılığıdır. Bunu da ciddi bölüşürəm.
Eyni zamanda, bir sıra məsələləri istərdim ki, nəzərinizə çatdırım. Hörmətli ombudsman, Konstitusiyanın 27-ci maddəsi insanın  yaşamaq hüququndan bəhs edir. Burada ikinci bənddə göstərilir: “Dövlətə silahlı basqın zamanı düşmən əsgərlərinin öldürülməsi, məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə əsasən ölüm cəzasının tətbiqi və qanunla nəzərdə tutulmuş digər hallar istisna olmaqla, hər bir şəxsin yaşamaq hüququ toxunulmazdır”. Ölüm hökmü bizdə ləğv olunub, həqiqətən, 155-ci maddədən bilirik ki, burada dəyişiklik eləmək çox çətindir, amma vacibdir, çünki bu, azadlıq və hüquqları məhdudlaşdırmır, bunun haqqında xahiş edərdim ki, Siz öz təklifinizi verəsiniz.
Konstitusiyanın 28-ci maddəsində Azərbaycan Respublikası ərazisində olan hər kəsin sərbəst hərəkət edə bilmək məsələsi qoyulur. Hörmətli ombudsman, bilirik ki, rayon maşınları şəhərə buraxılmır, onların və insanların sərbəst hərəkətinə məhdudiyyət qoyulub, diqqəti buna cəlb eləmək istərdim. Məruzədə cənab Prezident tərəfindən əfv olunma məsələsi çox yüksək qiymətləndirilib. Ancaq onu da nəzərinizə çatdırmaq istərdim ki, bu əfvlə müraciət məsələsi 65-ci maddədə məhkəməyə təkrar müraciət hüququnun altındadır. Yəni 65-ci maddə məhkəməyə təkrar müraciət hüququdur, ancaq əfv üçün Prezidentə müraciət olunur, təəssüf ki, burada əfv məsələsi məhkəməyə müraciət hüququ altında  qoyulur. Bu məsələlərə də baxmaq lazımdır. Komitədə səslənən bir fikri də bölüşmək istəyirəm. Bu da beynəlxalq hüquq təşkilatları məsələsidir. Bayaq dedilər, mən çox istərdim ki, bizim hüquq-müdafiə təşkilatları kimi, hörmətli ombudsman, respublikada baş verən bir sıra hadisələrə özümüz vaxtında reaksiya verək, nöqsanların aradan qaldırılması üçün bir sıra hərəkətlər eləyək  ki, beynəlxalq təşkilatların da bizə belə kəskin mövqeləri olmasın. 
Eyni zamanda, Yevda müəllim, görürəm, yazılmayıb, kreditlərlə bağlı onun sözünü demək istərdim. Kredit alanların hüquqlarının pozulması ilə bağlı çox istərdim ki, bu sahədə də ombudsmanın fikri olsun və eyni zamanda, biz bilirik, burada bir sıra məsələlər var, vaxt olsa, onlara qayıdaram, amma mən mühüm bir məsələyə toxunmaq istəyirəm.
Biz bilirik ki, ATƏT də, BMT də ermənilərin bu iddiasını ərazi bütövlüyü,  xalqların öz müqəddəratını həll etmə məsələsi kimi bizə qarşı qoyurlar. Amma həm ATƏT, həm beynəlxalq təşkilatlar, həm də BMT yaxşı bilirlər ki, yalnız o xalqların özünün müqəddəratını təyin etmək hüququ var ki, onlar öz tarixi torpaqlarında dövlətçiliklərini itirmiş olsunlar. Dağlıq Qarabağda yaşayan ermənilərin belə bir haqqı yoxdur. Yəni BMT, ATƏT və digərləri belə bir fakta göz yumublar ki, 1989-cu ildə Ermənistan Ali Soveti  başqa bir dövlətin ərazisini özünə birləşdirmək haqqında qərar qəbul edib. Məgər onlar bilmirdilər ki,  təcavüzkarın müəyyən edilməsi haqqında 1974-cü il 12 dekabr tarixli qərar var? Məgər onlar bilmirdilər ki, 1986-cı ildə  BMT məhkəməsinin qərarı var ki, müstəmləkə və federasiya subyektləri müstəqil olandan sonra öz əraziləri daxilində müstəqildirlər? Onlar yaxşı bilirdilər, lakin onlar ermənilərin cəfakeş, milli azadlıq hərəkatı kimi idarə olunan...
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, əgər etiraz eləmirsinizsə, bir məsələni də sizinlə məsləhətləşək. Bizim gündəlikdə olan qanun layihələri həcm etibarilə o qədər də böyük qanun layihələri deyil, qanunlara dəyişikliklərdir, yəni məclisimizi fasiləsiz davam etdirə bilərik. Burada fikirlər səsləndi, təkliflər verildi, ona görə sözü verək Elmira xanıma,  münasibət bildirsin, növbəti məsələlərə keçək.
E.Süleymanova. Ziyafət müəllim, təşəkkür edirəm. Ən əvvəl bütün millət vəkillərinə təşəkkürümü bildirirəm, çünki bizim əməkdaşlığımız yalnız bu illik məruzə ilə məhdudlaşmır. Demək olar ki, bizim bir çox tədbirlərimizdə – konkret olaraq insan hüquqlarının təmin olunması, yaxud qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsində millət vəkillərinin bir neçəsi müntəzəm olaraq iştirak edir, onlara da öz təşəkkürümü bildirirəm. Bizim bu işimizə yüksək qiymət verən millət vəkillərinin hər birinə öz təşəkkürümü bildirirəm. Onu da demək istəyirəm ki, bu, sadəcə,  qısa icmal idi, orada vaxtın azlığına görə yalnız təkliflərin adları çəkildi. Amma onu da nəzərə alarsınız ki, il ərzində hər bir təklif üzərində çoxsaylı yazışmalar,  tədbirlər də həyata keçirilməkdədir, çoxlu müraciətlərimiz olur. Məhkumluq cəzasının alternativ cəza ilə əvəz olunması  təklifimizi qəbul etdiyi üçün cənab Prezidentə də öz təşəkkürümü bildirirəm ki, bu nəzərə alınaraq son vaxtlar adları   qəzetlərdə, başqa dövlətlərin sənədlərində hallanan insanların cəzası ev dustaqlığı ilə əvəz olundu.
Nəhayət, onu demək istəyirəm ki, bizim fəaliyyətimiz bütövlüklə müharibə dövrünə təsadüf etdi. Ona görə də elə il,  ay,  həftə olmayıb ki, mən bu yerlərdə olmayım, qaçqın və məcburi köçkünlərlə görüşməyib, yaxud hərbi hissələrdə maarifləndirmə işi aparmayım, onların problemlərini öyrənməyim, təkliflərini hökumət orqanlarına çatdırmayım. Bəyanatlara gələndə, bu illərdə BMT-nin Baş katibinə, Ali komissarlığın katibinə, bir çox təşkilatlara, ATƏT-ə, Avropa Şurasına yüzdən çox rəsmi bəyanatımız olub. Mən onu da demək istəyirəm ki, bu illərdə bilavasitə 400-dən çox əməkdaşımız beynəlxalq təşkilatlarda iştirak edib. Hər biri mütləq şəkildə erməni təcavüzü məsələsini, 20 faiz torpaqlarımızın zəbt olunmasını, qaçqın və məcburi köçkünlərin problemlərini, kütləvi şəkildə insan hüquqları problemlərini qaldırıbdır. Yaxın günlərdə təmas xəttində olacağam, sabah biz beynəlxalq təşkilatların böyük nümayəndə heyətini qəbul edəcəyik. Mən bütün deputatları da dəvət edirəm ki,  təmas xəttində olan bütün rayonlarda baş vermiş uğurla bağlı, qələbə ilə bağlı, ümumiyyətlə, insanların əhvali-ruhiyyəsinin qaldırılması, müəyyən vətənpərvərlik ruhunun qaldırılması üçün müntəzəm olaraq birgə tədbirlər keçirək. Diqqətinizə görə bir də çox sağ olun, sizinlə əməkdaşlığı gücləndirməyi gözləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Elmira xanım, təşəkkür edirik. Hörmətli deputatlar, 2015-ci ildə Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyəti haqqında ombudsmanın məruzəsinin nəzərə alınması ilə bağlı biz səsvermə keçirməliyik. Xahiş edirəm, illik məruzəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Elmira xanım, təbrik edirik və işlərinizdə uğurlar arzulayırıq.
Günlədiyin növbəti məsələsinə keçirik. “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Antiinhisar fəaliyyəti haqqında” Qanunun 10-cu maddəsinə aşağıdakı redaksiyada bir cümlə əlavə olunur: “Kartel sövdələşməsi, yəni eyni əmtəə (xidmət) bazarında rəqabət aparan, maliyyə və hüquqi baxımdan müstəqil olan iki və ya daha çox təsərrüfat subyektlərinin digər rəqibləri bazardan kənarlaşdırmaq və yeni rəqiblərin bazara daxil olmasının qarşısını almaq məqsədi ilə bazarın ərazi prinsipinə, alqı-satqının həcminə, malların çeşidinə və ya müştərilərə (sifarişçilərə) görə bölüşdürülməsi, malların (xidmətlərin) alınmasından və ya satılmasından imtina edilməsi, qiymətlərin (tariflərin) yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması, malların satışına və ya xidmətlərin göstərilməsinə güzəştlərin, endirimlərin və əlavələrin müəyyən edilməsi, yaxud rəqabəti məhdudlaşdıran digər vasitələrin tətbiqi barədə hər hansı bir formada könüllü sövdələşməsi”.
Bilirsiniz ki, cənab Prezident son aylarda Azərbaycanda iqtisadi islahatların daha da dərinləşdirilməsi istiqamətində çox konkret və cəsarətli addımlar atır. Bu dəyişiklik də ölkədə rəqabət mühitinin daha da yaxşılaşdırılmasına yönəldilib. Ona görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər. 
Sədrlik edən. Çıxış eləmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.18 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Cinayət Məcəlləsində edilən dəyişiklik artıq Ziyad müəllimin məruzə etdiyi “Antiinhisar fəaliyyəti haqqında” Qanuna edilən dəyişikliklə üzvi surətdə bağlıdır və cənab Prezident tərəfindən həyata keçirilən yeni iqtisadi islahatların qanunvericilik bazasının möhkəmləndirilməsinə xidmət edir. Bilirsiniz ki, Cinayət Məcəlləsinin 199-cu maddəsi konkret olaraq inhisarçılıq hərəkətləri və rəqabətin məhdudlaşdırılmasına görə cəzanı müəyyənləşdirirdi. Burada maksimum cəza üç ildən altı ilədək  azadlıqdan məhrumetmə cəzası idi. İndi isə  dispozisiya daha da dəqiqləşdirilir, “Antiinhisar fəaliyyəti haqqında” Qanunla bağlı yeni anlayışlar öz əksini tapır, sanksiya isə hesab edirəm, kifayət qədər ciddiləşdirilir. Belə ki, bundan sonra bu fəaliyyətə görə maksimum məsuliyyət yeddi ildən on iki ilədək olacaq. Faktiki olaraq azadlıqdan məhrumetmə cəzası bu cinayət əməlinə görə iki dəfə sərtləşdirilmiş olur. Hesab edirəm ki, bu, ölkədə həyata keçirilən yeni iqtisadi islahat fonunda kifayət qədər ciddi və düzgün bir addımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Komitə sədri Eldar İbrahimov. Buyurun, Eldar müəllim.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, məlumdur ki, hələ də torpaqlarımızın zəbt edilməsinə, kənd təsərrüfatı təyinatlı torpaqların təyinatının qeyri-qanuni yollarla dəyişdirilməsi hallarına və başqa pozuntulara yol verilir. Müzakirənizə təqdim olunan layihə qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmişdir. Layihədə təklif olunur ki, Torpaq Məcəlləsinin 110-cu maddəsi yeni redaksiyada verilsin. Əvvəl qüvvədə olan redaksiyada torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyət var idi, ancaq indi təklif olunur ki, bu məcəllənin pozulmasına görə məsuliyyət olsun.
Bu məcəllənin tələblərini pozmuş şəxslər Azərbaycan Respublikasının Mülki, İnzibati Xətalar və Cinayət məcəllələrinə uyğun olaraq məsuliyyət daşıyırlar. Nəzərinizə çatdırmaq istəyirəm ki, Torpaq Məcəlləsinin 110-cu maddəsinin qüvvədə olan redaksiyasında torpaq qanunvericiliyinin pozulmasına görə məsuliyyətə səbəb olan hərəkətlər sadalanır. Torpaq qanunvericiliyini təkmilləşdirmək və bu sahədəki pozuntulara görə nəzərdə tutulan cəzaları sərtləşdirmək məqsədi ilə keçən ilin sentyabrında cənab Prezidentin təklifi ilə Milli Məclis Cinayət Məcəlləsində dəyişiklik edərək müvafiq qanun qəbul etdi. Bu dəyişiklik Cinayət Məcəlləsində torpaq qanunvericiliyinin pozulmasının hər bir konkret halına görə konkret cəza nəzərdə tuturdu. Bu dəyişikliyin edilməsi haqqında qanunun qüvvəyə minməsi ilə əlaqədar onun tətbiqini təmin etmək məqsədi ilə Prezidentimiz müvafiq sərəncamla Nazirlər Kabinetinə tapşırmışdı ki, Prezident aktlarının və digər qanunların  Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanuna uyğunlaşdırılması ilə bağlı təkliflərini qısa müddətdə hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin. Müzakirənizə təqdim olunan qanun layihəsi həmin sərəncamın icrası ilə əlaqədar hazırlanmışdır, layihə norma yaratma prinsiplərinə uyğundur. Hörmətli həmkarlarımdan xahiş edirəm ki, bu dəyişikliyə səs versinlər.
Sədrlik edən. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Hörmətli Ziyafət müəllim, beşinci məsələdən onuncu məsələyə qədər  qanunvericiliyə edilən əlavə və dəyişikliklər bir paket şəklindədir və bir-biri ilə üzvi surətdə bağlıdır. Mahiyyət baxımından hansısa yenilik yoxdur. Beləliklə, Mülki Məcəlləyə təklif edilən dəyişiklik elə Mülki Məcəllənin özündə bir müddət əvvəl hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə əqdlərin bağlanması qaydası adlanan 49-cu maddədə etdiyimiz dəyişikliklə bağlıdır və bu baxımdan 107-5-ci maddə artıq qüvvədə olan 49-cu maddəyə uyğunlaşdırılır. Yəni burada istifadə olunan “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla” müddəası 49-cu maddədə mövcuddur. Eyni zamanda, 107-ci maddədə də öz əksini tapır.
10-cu məsələ “İnzibati icraat haqqında” Qanunda edilən texniki düzəlişdir. Belə ki, Mülki Məcəllədə bir il bundan əvvəl etdiyimiz düzəlişə əsasən “hüquqi şəxsə aidiyyəti olan şəxs” ifadəsi, eyni zamanda, Mülki Məcəllənin 42-ci maddəsində də öz əksini tapır. Beləliklə, bunlar qanunvericiliyin dəqiqləşməsinə yönələn əlavə və dəyişikliklərdir, həmkarlarımdan səs vermələrini xahiş edirəm. Digər məsələlər isə Ziyad müəllimin məruzəsindədir.
Sədrlik edən. Aydındır, çox sağ olun, təşəkkür edirəm. Qanun layihəsinə dair çıxış eləmək istəyən yoxdursa, buyurun, xahiş edirəm,  Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
6–9-cu məsələlər, Ziyad müəllim, Sizin komitədə müzakirə olunub. Xahiş edirəm, bu məsələlər barədə məlumat verin.
Z.Səmədzadə. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Artıq hörmətli Əli müəllim dedi, bu məsələlər bir paketdə gəlib. Lakin biz 6-cı və 9-cu məsələlərin çıxarılmasını  təklif edirik, çünki “Banklar haqqında” Qanuna təklif olunan dəyişikliklər cənab Prezidentin bu yaxınlarda imzaladığı “Nəzarət palatası haqqında” Əsasnamə, eyni zamanda, sığorta fəaliyyəti ilə uyğunsuzluq təşkil edir. Biz bu barədə Prezident Administrasiyası və Nəzarət palatasının rəhbərliyi ilə danışmışıq. İstərdim ki, onlar çıxarılsın.
“Bank olmayan kredit təşkilatları haqqında” Qanunda isə  bir maddə əlavə olunur. “Bank olmayan kredit təşkilatları tərəfindən aidiyyəti olan şəxslərlə əqdlərin bağlanması qaydaları Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49.1-ci maddəsi ilə tənzimlənir. Girov əmanəti qəbul etmək hüququ olan bank olmayan kredit təşkilatları aidiyyəti olan şəxslərə kreditlərin verilməsi zamanı, həmçinin bu qanunun 19.1.2-ci maddəsinə müvafiq olaraq müəyyən olunan prudensial normativlərə  və tələblərə əməl etməlidirlər”. Dəyişiklik təkcə bundan ibarətdir. 
“İnvestisiya fondları haqqında” Qanuna dəyişiklik isə, əsasən, texniki və redaktə xarakterlidir. Lakin qanunun “İnvestisiya fonduna aidiyyəti olan şəxslər” maddəsinə aşağıdakı maddələrin əlavə edilməsi təklif olunur: “27.2.5. Səhmdar investisiya fondu ilə ona aidiyyəti olan şəxslər arasında fondun aktivlərinin dəyərinin 5 faizini və daha çox hissəsini təşkil edən əqdlər səhmdar investisiya fondu tərəfindən cəlb edilmiş müstəqil auditorun rəyi və səsvermədə iştirak etmək hüququ olan səhmdarların ümumi yığıncağının sadə səs çoxluğu ilə qəbul edilən qərarı ilə bağlanılır”. 27.2.9-cu maddədə isə təklif edilir: “Səhmdar investisiya fondunun müşahidə şurasının və icra orqanının üzvləri, habelə investisiya fondunun struktur bölmələrinin rəhbərləri özlərinin, bu qanunun 27.1.3-cü və 27.1.9-cu maddələrində göstərilən şəxslərin bağlanılan əqdə münasibətdə aidiyyəti şəxs qismində çıxış etmələri, həmçinin həmin əqdlə əlaqədar öz maraqlarının xüsusiyyətləri barədə məlumatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 49-1.5-ci, 49-1.6-cı və 49-1.7-ci maddələri ilə müəyyən edilmiş qaydada təqdim etməlidirlər”. Əsas dəyişikliklər bunlardan ibarətdir. Ona görə də millət vəkillərindən bu dəyişikliklərə müsbət münasibət bildirmələrini  xahiş edərdim.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihələri ilə bağlı çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Onda xahiş edirəm, 7-ci məsələyə – “Bank olmayan kredit təşkilatları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“İnvestisiya fondları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu paketə daxil olan axırıncı məsələyə, – Əli müəllim bu barədə məlumat verdi, – “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə  qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.30 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ  “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, məlumat üçün bildirmək istəyirəm ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 15-ci maddəsinə biz bir neçə il bundan əvvəl əhəmiyyətli düzəlişlər etmişdik. Belə ki, 15-ci maddədə müəyyənləşdirilmişdi ki, kommersiya hüquqi şəxslərin təsisçiləri və onların nizamnamə kapitalındakı payları barədə məlumatlar sorğu əsasında qanunda sadalanan orqanlara verilə bilər. Bu, təbii ki, müvafiq məhkəmə orqanıdır, istintaq orqanlarıdır, qanunla müəyyən edilmiş hallarda müvəkkillərdir, məhkəmə icraatçılarıdır və sair. Amma, eyni zamanda, təcrübə bu sorğu əsasında notariat orqanlarına, eyni zamanda, təsisçilərin vərəsələrinə də belə məlumatların verilməsini zəruri edir. Çünki əgər söhbət hüquqi şəxsin malik olduğu kapital payından gedirsə, onun haqqında məlumatın təbii ki, hüquqi vərəsədə də olması vacibdir. Bu baxımdan hüquqi şəxslərin, təsisçilərin vərəsələrinin qanuni maraqlarını qorumaq və notariat orqanlarının işinin səmərəliliyini artırmaq məqsədi ilə təklif olunur ki, bu şəxslərə və quruma da sorğu əsasında məlumatın verilməsi qanunda öz əksini tapsın. Bu qədər.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Daşınmaz əmlakın dövlət reyestri haqqında”  Qanuna edilən dəyişikliklər sahibkarlıq fəaliyyətinin yaxşılaşdırılmasına yönəldilən tədbirlər sistemində öz əksini tapmışdır. Qanuna yeni 5.1.3-cü maddə əlavə edilir: “İpoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı, ipoteka fondları, ipoteka saxlayan banklar və digər kredit təşkilatlarının informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqə yaradılır”. Biz dünən Prezident Administrasiyası  və eləcə də müvafiq strukturlarla məsləhətləşdik, aparatın rəhbərinə də məlumat verdik. Təklif edilir ki, “Mərkəzi Bank” sözlərindən sonra “Maliyyə nəzarəti palatası” sözləri də əlavə edilsin. Bu, artıq Prezident Administrasiyasının müvafiq şöbəsi ilə razılaşdırılmışdır.
9, 14 və 20-ci maddələrdə isə hüquqların dövlət qeydiyyatına alınması müddəti 10 günə endirilir. Əvvəllər 20 gün idi. Hüquqların dövlət qeydiyyatının dayandırılması müddəti azaldılır. Eyni zamanda, ipotekanın dövlət qeydiyyatı 5 iş günü müddətində aparılırdı. İndi isə təklif edilir, bu müddət 3 günə endirilsin. Beləliklə, bütün dəyişikliklər bütövlükdə sahibkarların fəaliyyətinin yaxşılaşdırılmasına, bu proseslərdə vətəndaşların vaxtlarına qənaət edilməsinə  yönəldilmişdir. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu dəyişiklik nəzərə alınmaqla layihə təsdiq edilsin.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsi ilə bağlı Çingiz müəllim  çıxış etmək istəyir. Buyurun, Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm.  Mən, təbii ki, cənab Prezidentin imzası ilə daxil olan bu qanun layihəsini alqışlayıram. Amma onun təsir və əhatə dairəsinin kiçildilməsinin tərəfdarı deyiləm. Burada, qeyd hissəsində göstərilir ki, bu qanun layihəsi sahibkarlığın inkişafı ilə bağlı  dəyişdirilir. Amma əksinə, mən bildirmək istəyirəm ki, bəlkə yüzlərlə, yüz minlərlə insan bu qanunun təsiri altına düşəcək və çox rahat şəkildə özlərinə məxsus əmlakın və mülkiyyətin  qeydiyyatını  həyata keçirə biləcəklər. Burada söhbət, təbii, ipoteka ilə bağlı qoyulan əmlakla  informasiya sistemləri arasında əlaqədən gedir, olduqca maraqlıdır. 5-ci maddədə bu yeni bir bənddir. 5.1-3.
Amma digər maddələrdə  vətəndaşların müəyyən əmlaklarının qeydiyyatı ilə bağlı  müddətin azaldılmasından, yəni 9-cu maddədə 20 gündən 10 günə salınmasından, 14-cü maddədə isə 10 gündən 7 günə salınmasından söhbət gedir. Bu, Əmlak Məsələləri  Dövlət Komitəsi ilə insanlar arasındakı münasibətdə olduqca rahat bir  qaydanın tətbiqinin həyata keçirilməsinə xidmət edəcək.
İndi başqa bir maddədən danışacağam. İki gün bundan öncə Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşlara təmənnasız hüquqi yardım xidmətinin açılması ilə bağlı mətbuatda yazı getdi. Bu, olduqca vacib bir məsələdir və alqışlanmalıdır. Çünki insanlar müəyyən problemləri bilmədikləri üçün biz millət vəkillərinə də müraciət edirlər və bəzən də bu müraciətlər əsassız olur. Torpaqla bağlı, mülkiyyətlə bağlı heç bir sənədi olmadığı halda onların qeydiyyata alınmasını istəyirlər. Amma indi bu qurumun yaratmış olduğu hüquqi yardım mərkəzi, təbii ki, onlara qanunun necə olduğunu izah edəcək. 1–2 gün bundan öncə Sabunçuda kütləvi çıxarışın həyata keçirilməsinin şahidi olduq. İnsanların bu məsələ ilə bağlı mövqeyi mətbuatda da gedir və razılıq hiss olunur.
Mən başqa bir şey deyim. Elektron arxivin yaradılması, mən belə hesab edirəm ki, gələcəkdə bu sahədə konkret məsələlərin həllində olduqca yardımçı olacaq. Bu qurumda gedən işlərin çoxu insanların rahatlığı və cənab Prezidentin qarşıya qoyduğu  tapşırığın həyata keçirilməsi üçündür.
Hörmətli Ziyafət müəllim, mən keçən il  “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 17-ci maddəsi ilə bağlı çıxış etmişdim. Burada hüquqların qabaqcadan qeydiyyatından söhbət salmışdım. Bu nə deməkdir? Yəni bu gün bünövrəsi qazılıb tikilən hansısa bir evdə  vətəndaş gələcəkdə hansı mərtəbədə mənzil almaq istədiyini MTK ilə razılaşdırdıqdan sonra qeydiyyatını həyata keçirə bilər. Qanunun 17-ci maddəsində bu nəzərdə tutulub. Mən bu maddə ilə bağlı daşınmaz əmlakın dövlət reyestri xidmətinin rəhbərləri, onların müavinləri və hüquqşünasları,  komitənin rəhbərliyi ilə də görüşlər keçirdim. Birmənalı olaraq komitə hüquqların qabaqcadan qeydiyyata alınmasında maraqlıdır və  dəfələrlə  Milli Məclisə gələrək  bu istiqamətdə bizimlə görüşlər keçiriblər.
Amma çox təəssüf ki, qanunun 17.3-cü maddəsində müəyyən məhdudiyyətlər var. Bu məhdudiyyətlər də vaxtilə  nədən ötrü salınıb, bilinmir. Amma mən bir şeyi deyim ki, hüquqların qabaqcadan qeydiyyatı çox yaxşıdır, yəni vətəndaş hansısa bir MTK-dan aldığı mənzili qeydiyyata saldıqda, elektron tabloda onun üzərində bir işarə olsa ki, bu satılıb, gələcəkdə dələduzlar bir mənzili bir neçə şəxsə sata bilməyəcəklər. Bu baxımdan olduqca vacib bir məsələdir. Mən həm özümüzün, həm də bu komitənin əməkdaşlarının fikirlərini çatdırıram ki,  bunun üzərində işləməyə dəyər. Hesab edirəm ki,  növbəti aylarda biz bu məsələyə bir daha qayıdacağıq.
Sonda mən bu komitədə aparılan bütün islahatları alqışlayıram və həmkarlarımızı bu qanundakı  dəyişikliklərə səs verməyə  dəvət edirəm.  Sağ olun.
Sədrlik edən. Sağ olun. Muxtar Babayev.
M.Babayev. Çox sağ olun, Ziyafət müəllim. Bu təklif deyil, sualdır.  9-cu və 5-ci bənddə biz 10 iş günü və 5 iş günü göstərmişik. Amma 14-cü bənddə 7 təqvim günü gedir. Təklif edirəm ki, orada da 7 iş günü göstərilsin ki, bu rəqəmlər hamısı eyni olsun. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Ziyad müəllim, söhbət nədən gedir,  nəzərə almaq olarmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Başqa çıxış etmək istəyən yoxdursa, buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.40 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, Mülki Məcəllədə  edilən dəyişiklik də hörmətli Ziyad müəllimin məruzəsi ilə üzvi surətdə bağlıdır. Mülki Məcəllənin müvafiq  “Daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı” adlanan 148-ci maddəsində artıq bizim səs verdiyimiz və qəbul etdiyimiz bir dəyişikliyin  öz əksini tapması təklif olunur. Söhbət  ipoteka qoyulan daşınmaz əmlakla bağlı məlumatların əldə edilməsi məqsədi ilə Mərkəzi Bank və digər orqanların informasiya sistemləri ilə daşınmaz əmlakın dövlət reyestri arasında əlaqənin yaradılmasından gedir.  Ziyad müəllimin dediyi əlavə, yəni orqanlar siyahısına Maliyyə nəzarəti palatasının əlavə olunması, xahiş edirəm, stenoqramda öz əksini tapsın. Çünki bu, artıq administrasiya ilə razılaşdırılıb.
Eyni zamanda, Ziyafət müəllim, qeyd etmək istəyirəm ki,  həqiqətən də, daşınmaz əmlakın dövlət qeydiyyatı ilə bağlı son illər həyata keçirilən  islahatlar öz bəhrəsini verir. Bu informasiyanın açıqlığı və digər orqanlarla əlaqəli fəaliyyəti çox vacibdir. Çoxlu məhkəmə işləri var və həmkarımız Çingiz Qənizadənin qaldırdığı məsələ də çox vacibdir. Zamanında, yəni  bir neçə il  bundan əvvəl bunu müzakirə etmişik. Söhbət hələ  reyestrdən çıxarış almamışdan öncə vətəndaşla tikinti şirkətləri arasında müqavilələrin artıq ilkin qeydiyyatından  gedir. Çünki  hazırda hörmətli millət vəkillərinin də  narahatlıqla qaldırdıqları məsələlər var. Bir əmlak bir neçə dəfə satış obyektinə çevrilir. Bu,  əslində, mütərəqqi bir fikirdir və onun qanunvericilikdə öz əksini tapması ilə bağlı işlərimizi davam etdirəcəyik.  Bu düzəliş isə qeyd etdim, öncə səs verdiyimiz məsələ ilə bağlıdır və buna səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun. 
Növbəti  6 məsələ – 14, 15, 16, 17, 18 və 19-cu məsələlər möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. 14-cü məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, 2015-ci il 2 fevral tarixində “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna dəyişiklik edilmişdi. Bu dəyişikliyə görə ixtisaslaşdırılmış tibbi yardımın müvafiq qanunda nəzərdə tutulmuş qaydada göstərilməməsi  inzibati məsuliyyətə səbəb olur. İndi İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklik məhz bu məsuliyyəti özündə ehtiva edir. Hesab edirəm ki, bu dəyişiklik artıq qüvvədə olan qanunun müddəalarından irəli gəlir və ona səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.44 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, bu gün Əhliman müəllimin rəhbərlik etdiyi komitənin günüdür. Komitə 5 qanun layihəsi təqdim edib. Əhliman müəllim, buyurun. “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi.
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Çox hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Nəzərdə tutulan dəyişiklik “Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndinə aiddir. Burada “məcburi tibbi sığorta vəsaitləri” sözlərinin “icbari tibbi sığorta vəsaitləri” sözləri ilə əvəz olunması təklif olunur. Təklif olunan dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda edilmiş dəyişikliklərə uyğunlaşdırmaq məqsədi daşıyır.
Sədrlik edən. Çox sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Nəzərdə tutulan dəyişiklik bu qanunun 9-cu maddəsini əhatə edir. Belə ki, 9-cu maddə aşağıdakı şəkildə təklif olunur: “...Vərəm əleyhinə tibb müəssisələrində işləyən həkim-fiziatrlar, digər mütəxəssislər və işçilər əmək funksiyalarının icrası zamanı bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq icbari qaydada  sığorta edilirlər.
Sədrlik edən. Çox sağ olun. Əgər çıxış eləmək istəyən yoxdursa,  xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Nəzərdə tutulan dəyişiklik “Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında” Qanunun 6-cı maddəsinin 2-ci bəndinə aiddir. Burada “məcburi tibbi sığorta haqları” sözlərinin “icbari tibbi sığorta haqları” sözləri ilə əvəz olunması təklif olunur. Bu dəyişiklik də “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunda 2015-ci il 2 fevral tarixində edilmiş  dəyişikliklərə uyğunlaşdırma məqsədi daşıyır.
Sədrlik edən. Çox sağ olun. Qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.49 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliklə  mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Nəzərdə tutulan dəyişiklik 26-cı maddənin 3-cü bəndinə aiddir. Təklif olunan variantda maddənin 3-cü bəndi aşağıdakı redaksiyada verilir: “Əmək funksiyalarının icrası ilə əlaqədar tibb işçiləri, habelə virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması ilə məşğul olan işçilər insan immunçatışmazlığı virusuna yoluxma riskinə görə “İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə  əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq icbari qaydada sığorta edilirlər.
Sədrlik edən. Çox sağ olun. Başqa çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 19-cu məsələ “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığortası qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi. Çox uzun oldu, deyəsən.  Əhliman müəllim, buyurun.
Ə.Əmiraslanov. Nəzərdə tutulan dəyişiklik bundan öncə 26-cı maddənin 3-cü bəndinin yeni variantda qəbul olunması ilə bağlıdır. Bu yeni variantın qəbul olunması ilə əlaqədar “Əhaliyə tibbi yardımın göstərilməsi, virusologiya müəssisələri üzrə elmi tədqiqatların aparılması və virus preparatlarının istehsalı ilə məşğul olan işçilərin öz xidməti vəzifələrinin yerinə yetirilməsi zamanı insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyə yoluxma, habelə bununla  əlaqədar baş vermiş əlillik, 18 yaşınadək sağlamlıq imkanlarının məhdudluğu və ölüm hadisələrinin dövlət icbari sığorta qaydaları haqqında” Əsasnamənin ləğv edilməsi təklif olunur.
Sədrlik edən. Aydındır, sağ olun. Buyurun, Əsasnamənin ləğv edilməsi ilə əlaqədar məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.52 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Nəhayət, gündəliyimizin 20–21-ci məsələləri də möhtərəm cənab Prezidentin bir məktubu ilə daxil olub. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Əli müəllim, buyurun.
Ə.Hüseynov. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Tamamilə doğru buyurdunuz ki, bunlar bir paketdədir. Ona görə ki, eyni məsələyə həsr olunub. Bir hissəsi cinayət məsuliyyəti yaratdıqda, digər hissəsi isə inzibati xəta kimi tövsiyə edildikdə. Hörmətli həmkarlar, qeyd etmək istəyirəm ki, ölkədə maliyyə nizamintizamının güclənməsi, dövlət büdcəsinin qorunması məqsədi ilə dövlət büdcəsinin vəsaitinin təyinatı üzrə istifadə olunmamasına görə kifayət qədər ciddi sanksiyaların tətbiq olunması təklif olunur. Belə ki, Cinayət Məcəlləsinə təklif olunan 30.8-1-ci maddədə dövlət büdcəsinin məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə olunmamasına görə altı ilədək müddətə azadlıqdan məhrumetmə cəzası, eyni zamanda, cəzaların içərisində, həmçinin müəyyən vəzifə tutmaqdan məhrumetmə və müəyyən fəaliyyət ilə məşğul olmaq hüququndan məhrumetmə kimi əlavə cəza növləri də öz əksini tapır. Bu, Cinayət Məcəlləsi ilə bağlıdır.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşdirilən təşkilatların maliyyə-təsərrüfat fəaliyyətində maliyyə qaydalarının pozulması kimi inzibati xətalara  yol verilərkən İnzibati Məcəllədə  bir sıra sanksiyalar 410-cu maddəyə edilən dəyişikliklər ilə öz əksini tapır. Beləliklə, büdcə təşkilatları tərəfindən maliyyə qaydalarının pozulması, vəsaitlərin təyinatı üzrə istifadə olunmaması, təsdiq edilmiş smetaya uyğun vəsaitin xərclənməməsi, normativdən artıq ştat vahidlərinin saxlanılması bundan sonra artıq inzibati xəta kimi tövsiyə oluna bilər. Burada  inzibati xəta olduğuna görə kifayət qədər ciddi sanksiyalar nəzərdə tutulur. Amma İnzibati Xətalar Məcəlləsində, həmçinin bir qeyd də göstərilir ki, bu məcəllənin 410-cu maddəsi, həmin maddədə göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir. Hörmətli həmkarlar, hesab edirəm ki, həm İnzibati Xətalar Məcəlləsinə, həm də Cinayət Məcəlləsinə təklif olunan bu əlavə və dəyişikliklər kifayət qədər ciddidir və ölkədə maliyyə nizam-intizamının güclənməsinə xidmət edir. Sizlərdən bu layihəyə səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Buyurun, xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.56 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.  Hörmətli deputatlar, bununla da bugünkü iclasımız sona çatır.

EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ


5 aprel 2016-cı il.
__________________________

Kamran Bayramov.  Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Son bir neçə gün ərzində döyüş bölgəsində baş verən hadisələrə və bunun ətrafında cərəyan edən proseslərə münasibətimi bildirmək istərdim. İlk növbədə, döyüşdə həlak olmuş şəhidlərimizin ailələrinə başsağlığı vermək istəyirəm. Hadisələr göstərdi ki, onların ölümü əbəs olmayıb. Allah onlara rəhmət eləsin! Onların qəhrəmanlığı, cəsarəti, fədakarlığı bütün xalqımızı ruhlandırdı, ordumuzun nə qədər qüdrətli, peşəkar olduğunu göstərdi.
Bu günlər ərzində internet məkanında, sosial şəbəkələrdə qarşıdurmalarla bağlı çoxsaylı müsahibələr, məqalələr və yazılarla tanış oldum. Qəribə bir məqamla üzləşdim, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə birbaşa məşğul olan Minsk qrupunun həmsədrləri demək olar ki, sükutdadırlar. Yalnız aprelin 2-də ATƏT-in internet səhifəsində iki cümləlik press-reliz yayıblar, bununla da kifayətləniblər. Onların əvəzinə qrupda təmsil olunan ölkələrin rəhbərləri danışır, bəyanatlar verirlər. Bu, həmsədrlərin illərdir ki, göstərdikləri fəaliyyətin bariz bir nümunəsidir. Onlar hələ bu gün toplaşacaqlar. Sual olunur ki, bəs regionda yaşanan bu 3–4 günlük gərginlik ərzində harada idiniz, ay hörmətli həmsədrlər? Güman edirəm ki, onların bugünkü toplantısı da, həmişə olduğu kimi, heç bir nəticə verməyəcəkdir.
Bir məsələyə də toxunmaq istərdim. Bir çox saytlarda və sosial şəbəkələrdə Dağlıq Qarabağ bölgəsində gedən döyüşlərdən video və şəkillər paylaşılır, öldürülmüş əsgərlərin cəsədləri göstərilir, xoşagəlməz ifadələr və təhdidlər səsləndirilir, hətta ölülərin təhqir edilməsi hallarına da yol verilir. Mən erməniləri bir qırağa qoyuram, onlar bunu həmişə ediblər, amma niyə biz onların səviyyəsinə düşməliyik. Niyə bizim xalqımız, əsgərlərimiz vəhşi kimi təqdim olunmalıdır? Axı, bizim başlıca məqsədimiz işğal olunmuş torpaqları qaytarmaqdır. Unutmamalıyıq ki, hazırda bütün dünyanın diqqəti Dağlıq Qarabağdadır, Azərbaycandadır. Ona görə, azərbaycanlı sosial şəbəkə istifadəçilərindən, bloqerlərdən, jurnalistlərdən xahiş etmək istərdim ki, bu məsələyə həssaslıqla yanaşsınlar, mümkün təxribatların qarşısını alsınlar.
Sədaqət Vəliyeva.  Hörmətli həmkarlar! Ombudsmanın Azərbaycan Respublikasında insan hüquqlarının və azadlıqlarının təmin edilməsi və müdafiəsinin vəziyyətinə dair hesabatını qənaətbəxş hesab edirəm. Hesabatda fikir, söz, informasiya əldə etmək, həmçinin vicdan, siyasi və digər azadlıqların təminatı, eyni zamanda, korrupsiyaya qarşı mübarizə, hüquq və azadlıqların məhkəmə təminatı sahəsində görülən işlər haqqında geniş təhlil aparılmış və təkliflər irəli sürülmüşdür. Bununla yanaşı, iqtisadi, sosial və mədəni hüquqların müdafiəsindən də bəhs edilib. Hesabatda əksini tapmış bəzi məqamlar xüsusi diqqət çəkir. Məhz həmin məqamlar üzərində dayanmaq və müəyyən məsələləri bir daha nəzərinizə çatdırmaq istəyirəm.
Birincisi, Azərbaycanda mövcud olan çoxuşaqlı ailələrlə bağlı sosialyönlü işlərin görülməsi bu gün üçün mühümdür. Bu cür hallar daha çox regionlarda müşahidə olunduğundan belə ailələr daim diqqət mərkəzində olmalıdırlar. Onların kiçik biznes qurmaları, yaxud təsərrüfat işlərini həyata keçirmələri üçün İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi birgə və ya ayrı-ayrılıqda sosial-iqtisadi layihələr həyata keçirə bilərlər. Bununla da fermerlərin formalaşmasına təkan verilmiş olar.
İkincisi, bu gün üçün çox aktual olan əhalinin məşğulluğu və ünvanlı dövlət sosial yardımı məsələsi diqqətdə saxlanılmalıdır. Hazırda məşğulluq idarələrində vəziyyətin necə olduğunu yəqin ki, hamınız bilirsiniz. Bu idarələr siyahı tutmaqla işlərini bitmiş hesab etməsinlər, yaxud da ki, vətəndaşlara göndəriş verib müraciəti bağlamasınlar. Çox maraqlıdır ki, məşğulluq idarələri hansısa təşkilatda mövcud olan 5–10 iş yeri üçün 100–200 adama göndəriş verirlər. Bu cür münasibətlə vətəndaşları incitmək lazım deyil. Əgər bu gün müraciət etmiş şəxsə iş yoxdursa, ona işsizlik statusu verib müəyyən sosial yardımlardan yararlanmaq imkanı vermək lazımdır. Bu, təbii ki, müvəqqəti xarakter daşıyır, ancaq heç olmasa, vətəndaşın ailəsinin müəyyən problemləri həllini tapmış olar. Yaxşı olar ki, məşğulluq idarələri ilə əhalinin sosial müdafiəsi mərkəzləri koordinasiyalı şəkildə işləsinlər.
Üçüncüsü, ipoteka kreditləri məsələsi hələ də gecikir. Cənab Prezident İlham Əliyevin göstərişi ilə bu məsələdə yeni format işlənməkdədir. Çalışmaq lazımdır ki, orta əmək haqqı alan gənc ailələrimiz mənzil-məişət problemlərini həll etsinlər. Mənzil məsələsi elə bir problemdir ki, gənclərimizin diqqətini dağıdır, onlara öz potensiallarını lazımi şəkildə reallaşdırmağa mane olur. Gənclər bilmirlər, ev haqqında düşünsünlər, yoxsa iş və təhsil haqqında. Hətta təklif edərdim ki, banklar korporativ maraqları çərçivəsində dövlət tərəfindən ipotekaya ayrılan vəsaitdən istifadə etməsinlər deyə, ictimai nəzarət şuraları yaradılsın. Maksimum şəkildə çalışmaq lazımdır ki, heç evi olmayan vətəndaşlarımız ipoteka imkanlarından yararlansınlar.
Nəhayət, penitensiar müəssisələrdə yoluxucu və təhlükəli xəstəliklərin daşıyıcısı olan məhbusların sağlam məhbuslarla birgə cəza çəkməsi məsələsinə də diqqət ayırmaq lazımdır. Bu sahədə hər gün vəziyyətin pisləşdiyinin şahidi oluruq. Təklif edirəm ki, vərəm, SPİD, Hepatit C və digər təhlükəli, yoluxucu xəstəliklərin daşıyıcısı olan məhbuslar üçün ayrıca müalicə istiqamətli xəstəxanatipli cəzaçəkmə müəssisələri tikilsin, yaxud həmin məhbuslar sağlam məhbuslardan ayrılsın. Əks təqdirdə yoluxucu xəstələrin sayı daha sürətlə artar. Təsəvvür edin ki, bir vərəm xəstəsinin olduğu yerdə əlli potensial vərəm xəstəsi olur. Bu səbəbdən də bu məsələni diqqətdə saxlayıb tədbirlər görmək lazımdır. Fürsətdən istifadə edib vərəm xəstələrinin qidalanması məsələsinə də toxunmaq istərdim. Bununla bağlı Nazirlər Kabinetinə təqdim etmək üçün təkliflərim də hazırdır, yəni əlavə maliyyə vəsaitinə ehtiyac olmadan vərəm xəstələrinin qida rasionunun dəyişdirilməsi yolu ilə bu problemi aradan qaldırmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi