2016-ci il 15 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 15

Milli Məclisin iclas salonu.
15 aprel 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 97
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlüyünə namizədlər:

Fuad Cavadov,
Şaitdin Əliyev,
Ramiz İbrahimov,
Validə Kazımova,
Hüseyn Paşayev,
Məzahir Pənahov,
İlham Məmmədov,
Natiq Məmmədov,
Arifə Muxtarova,
Nizami Nadirov,
Qabil Orucov,
Azər Tağıyev,
Bəxşeyiş Əsgərov,
Tofiq Həsənov,
Almas Qəhrəmanlı,
Etibar Quliyev,
Mikayıl Rəhimov,
İlkin Şahbazov.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının əvəzedici üzvlüyünə namizədlər:

Sürəddin Hümbətov,
Bəhruz Quliyev,
Aydın Muradov,
Niyaməddin Orduxanov.

Rövzət Qasımov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası Katibliyinin müdiri.
Elşən Əsgərov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Ümumi şöbəsinin müdiri.
Şahin Əsədli, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının Media və ictimai əlaqələr şöbəsinin müdiri.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Məhəmmədəli Süleymanov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
Vəfa Mütəllimova, Azərbaycan Respublikası Hesablama Palatasının şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).
2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında.
3. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Siyavuş Novruzov, Zahid Oruc, Fazil Mustafa, Elmira Axundova, Əli Məsimli, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Vahid Əhmədov, Fərəc Quliyev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanunu (ikinci səsvermə).

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Konstitusiya Qanunu qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Qüdrət Həsənquliyev, Siyavuş Novruzov, Əli Hüseynli, Məzahir Pənahov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüqar  Gülməmmədov, Qənirə Paşayeva, Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elmira Axundova, Tahir Kərimli, Əflatun Amaşov, Əli Məsimli, İlham Məmmədov, Vahid Əhmədov, Zahid Oruc

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Elman Nəsirov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

5. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

6. “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Əhliman Əmiraslanov, Çingiz Qənizadə, Dilarə Cəbrayılova, Siyavuş Novruzov, Fəzail Ağamalı, Musa Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

7. “Psixiatriya yardımı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:
  Oqtay Əsədov, Əhliman Əmiraslanov, Asim Mollazadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 
MİLLİ MƏCLİSİN İCLASI

15 aprel  2016-cı  il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
İclasın gündəliyi sizə paylanıb. Xahiş edirəm, gündəliyə də münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 103
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq olundu, sağ olun.
Müzakirəyə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yazılın. Siyavuş Novruzov, buyurun.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Oqtay müəllim. İlk növbədə qeyd etmək istəyirəm ki, həm hərbi, həm də beynəlxalq sahədə Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsi olaraq bütün dünya ölkələrindən Azərbaycana dəstək gəlir. Mən İslam Əməkdaşlığı Təşkilatının dünənki konfransını nəzərdə tuturam. Azərbaycana nə qədər dəstək gəldi. Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi, Ermənistanın işğalçı dövlət kimi tanınması, bununla əlaqədar xarici işlər nazirlərindən ibarət komissiyanın yaradılması Azərbaycan dövlətinin, Azərbaycan Prezidentinin apardığı uğurlu siyasətin nəticəsidir, ordumuzun gücünün nümunəsidir.
Amma təəssüflər olsun ki, bəzi mətbuat orqanlarında, ayrı-ayrı saytlarda həm ümumilikdə ölkəmiz barəsində, həm də hakimiyyətin bir qolu olan Milli Məclis haqqında xoşagəlməyən, həqiqətə uyğun olmayan yazılar gedir. Bu, düşmən dəyirmanına su tökməklə məşğul olan qüvvələrin əməlləridir. Məsələn, o gün ABŞ Dövlət Departamenti Azərbaycan haqqında yaxşı sözlər deyib. Təbii ki, erməni lobbisinin təsiri altında olan müəyyən qüvvələr də müvafiq fikirlər söyləyiblər. Onları başlığa çıxarmaq və yaxud da ayrı-ayrı qeyri-hökumət təşkilatlarının səsləndirdikləri fikri həmin dövlətin fikri kimi təqdim etmək hallarına rast gəlirik. Hesab edirəm ki, bunların hamısı həmin qüvvələrə xidmət eləyən insanların əməlləridir.
Azərbaycan xalqı aprel hadisələri zamanı göstərdi ki, Prezidentlə, ölkənin Ali Baş Komandanı ilə, Azərbaycan ordusu ilə bir yerdədir. Milli Məclisin deputatları bu proseslərdə fəal şəkildə iştirak elədilər,  şəhidlərimizin dəfn törənlərində oldular. Hər biri cəbhədə bir əsgər olması ilə bağlı bəyanat verdi. Lakin bəzi üzdəniraq qüvvələr buna kölgə salmaq istəyir və Milli Məclisin deputatları ilə bağlı həqiqətə uyğun olmayan fikirlər söyləyirlər. Hesab edirəm, belə mətbuat orqanları ilə əlaqədar  müvafiq qurumlar tədbir görməlidir ki, onlar böhtan və şərlə məşğul olmasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Düzgün olaraq bu məsələyə toxundunuz. Deyirsiniz ki, kölgə saldılar. Bu kölgə salanların özləri o kölgələrin altındadırlar.
Siz söyləyən kimi, bu yaxınlarda Amerika Birləşmiş Ştatlarında bir neçə qəzetdə Ermənistanın işğalçı siyasəti və Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi ilə bağlı məqalələr çıxdı. Mən də buna çox diqqət elədim. Siz deyən kimi, Ermənistanda dərc edilən istənilən məqaləni başlığa çıxarır, birinci səhifədə verirlər. Amma Amerika Birləşmiş Ştatlarında Dağlıq Qarabağ probleminə göstərilən düzgün münasibəti əks etdirən məqalələr haqqında bu saytlarda və qəzetlərdə bir dənə yazı görmədim. Bu özü bir göstəricidir. Buyursun Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Qeyd etdiyimiz kimi, bu gün həm ölkəmizdə, həm də dünyada Ermənistan və Azərbaycan arasındakı 4 günlük müharibə əsas müzakirə mövzusudur. Bu savaş, bu 4 günlük ikinci Qarabağ müharibəsi nəyi göstərdi? Düşünürəm ki, birinci növbədə, uzun illər müxtəlif beynəlxalq dairələrin dilindən eşitdiyimiz “siyasi danışıqların alternativi yoxdur” kəlamının əksini gördük. Bəlli oldu ki, hərb, müharibə yolu ən ədalətli yoldur. Yetər ki, Ermənistan və Azərbaycan hərbi meydanda üz-üzə qalsınlar. O zaman Azərbaycan ordusu bu ədaləti təmin edəcəkdir.
İkincisi, Qarabağ məsələsi bir daha milli birlik simvolu olduğunu, milli  ruhumuzu, varlığımızı, şəhidlərimizin timsalında sevgimizi özündə ifadə elədi. Xalqın bütün təbəqələrini birləşdirdi, dindarından ateistinə, sağcısından solçusuna qədər birliyimizi nümayiş elətdirdi. Bu, çox mühüm keyfiyyət idi ki, ölkə bütövlükdə ordu kimi davrandı.
Üçüncüsü, Rusiyanın dövlət siyasəti 4 günlük müharibə dövründə kifayət qədər balanslı və neytrallığa yaxın oldu, birinci Qarabağ savaşından fərqli oldu. Məhz buna görə də Ermənistan tərəfi hiddətlənir və özünü guya Rusiyadan üzülüşmək istəyən tərəf kimi göstərir. Amma sual olunur, rusların köməyi ilə Qarabağı almışıqmı ki, onlar belə hiddətlənirlər? Bəlkə rusların köməyi ilə biz İrəvanın 20 faizini ələ keçirmişik? Ona görə Azərbaycan tərəfinin ən böyük istəyi ondan ibarətdir ki, Rusiya hərbi vasitələrlə deyil, sadəcə, 75 faiz elektrik enerjisi ilə təmin etdiyi Ermənistana enerjinin verilməsini 2 gün dayandırsın. O zaman qaranlıq zülmətdə Azərbaycan öz ədalətini təmin edəcək.
Dördüncüsü, beynəlxalq təşkilatlar, xüsusilə də Avropa Şurası Parlament Asssambleyasının rəhbəri Pedro Aqramunt ədalətli bir mövqe göstərdi. Düşünürəm ki, bu, beynəlxalq qurumların çoxu üçün nümunə ola bilər. Əvəzində Ermənistan siyasi və hərbi cəhətdən təklənmiş göründü.
Beşincisi, göründü ki, ağır istehkamlar quran ermənilərin istehkamlarının arxasında xalq yoxdur. Böyük ərazini hansısa vasitələrlə ələ keçiriblər, amma insan resursları yoxdur ki, onları doldursunlar. Talış kəndindən çıxan erməniləri gördünüz. O 40-cı illərin maşınları bizdə ən kasıb adamın qapısında yoxdur. Budurmu onların qələbə günü? Cənab Prezident sülh dövrünün, azadlıq dövrünün, normal dövrün deyil, eyni zamanda, soyuqqanlı qərarları ilə, riskləri öz üzərinə götürməklə müharibə dövrünün lideri olduğunu göstərdi.
Nəhayət, bəlli oldu ki, tabutlar Ermənistana, İrəvana gedir. Bu, Ermənistanın bu müharibədə açıq iştirakının göstəricisidir. Əvəzində Azərbaycanda Qarabağ bölgəsindən nə qədər şəhidimiz oldu və bütün xalq müharibədə iştirak elədi. Ona görə də biz Dağlıq Qarabağ ermənilərinə çağırış edirik ki, sizin üçün təhlükəsizlik…
Sədrlik edən. Çatdı, Zahid. Mikrofon verin.
Z.Oruc. Təşəkkür edirəm. Ən böyük siyasi birliyi parlamentdə Siz nümayiş etdirmiş olursunuz. Var olasınız. Azərbaycan Dağlıq Qarabağ ermənilərinə çağırış edir ki, sizin üçün ən təhlükəsiz yol bu ölkədə qanunları, Konstitusiyanı tanıyaraq yaşamaqdır. Bundan ötrü bizimlə eyni səngərə keçin və silahı Sarkisyana qarşı çevirin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İstənilən cəmiyyətlərdə müharibəyə münasibət birmənalı olmur. Amma 2 aprel hadisələri zamanı ölkə Prezidentinin verdiyi əmrə Azərbaycan cəmiyyətinin münasibəti birmənalı oldu. Ona görə də ilk dəfə idi ki,  cəmiyyətdə bu qədər möhtəşəm bir həmrəylik yarandı.
Amma burada ən təhlükəli məsələlərdən biri nədir? Cəmiyyətin sağlam insanları bilir ki, həm diplomatik vasitələrlə mübarizə aparmalıyıq, həm də gücümüz, imkanımız olduğu vaxt hərbi güc tətbiq edərək torpaqlarımızı azad eləməliyik. Amma tezislər gündəmə gəlməyə başladı ki, niyə kasıb uşağı ölür, niyə ailənin tək uşağı səngərdədir? Əslində, vətən savaşına bundan təhlükəli münasibət olmaz. Nə baxımdan? Müharibədə hər kəsin vətən qarşısında borcu özünün şəxsi ləyaqəti ilə bağlı məsələdir. Bu kasıba və varlıya baxmır. Kim şəhid olursa, Allah qatında da, Vətən qatında da mükafatını alır. Kimsə  gizlənir, daldalanırsa, onun da öz cəzası var. O heç vaxt mənəvi cəhətdən vətən qarşısında qürrələnib qürurla danışa bilməyəcək. Ona görə də mətbuatda, başqa yerlərdə belə ayırmaların aparılması çox təhlükəlidir. Bu tendensiyanı durdurmaq üçün ziyalılar müəyyən addımlar atmalıdır.
Bəzi saytlarda yazılır ki, şəhidlərin dəfnində hər kəs iştirak elədi, amma Milli Məclisin deputatları iştirak eləmədilər. Bu bir biabırçılıqdır. Əksinə bütün deputatlar bölgələrdə oldular, şəhidlərin hüzr mərasimlərində iştirak etdilər. Harada gücümüz çatırsa, iştirak elədik. Gördük ki, həqiqətən də, Milli Məclisin üzvləri orada təmsil olunurlar və xalqla bir yerdədirlər.
Bunu xüsusi kateqoriyaya ayırmaq və qabartmaq ki, deputatlar biganədirlər, laqeyddirlər, bu, heç də ləyaqətli addım deyil. Məncə bu jurnalistlər hərəkətlərinə bir daha tənqidi yanaşmalıdırlar. Millət vəkili şəhidin məzarı başında özünü reklam edib şəkil çəkdirməlidir? Ya hüzr yerinə bir fotoaparat götürüb özünü çəkdirməlidir ki, mən bura gəlmişəm? Hamı gedir, baş çəkir. Ümumiyyətlə, savaş dövründə ən təhlükəli məsələ cəmiyyəti qruplara, təbəqələrə ayırmaqdır. Halbuki varlısı pulunu qoyacaq, əsgəri döyüşəcək. Yoxsulu əlindən gələni etməlidir. Hansı təbəqəni təmsil etməsinin fərqi yoxdur, Azərbaycan cəmiyyətində Vətən müharibəsinə münasibət kökündən dəyişməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim də, Zahid müəllim də elə “müharibə” dedilər. Biz müharibə aparmamışıq. Biz 2–3 gün ərzində Ermənistan tərəfindən törədilən təxribata cavab vermişik. Azərbaycan müharibə aparsaydı, bir həftədən sonra gedib hara çıxacaqdı, hamınız yaxşı bilirsiniz. Ona görə Azərbaycan ilk dəfə birtərəfli atəşkəs elan elədi.
Azərbaycan həmişə münaqişənin sülh yolu  ilə həll olunmasının tərəfdarı olub. Ancaq Azərbaycan dövləti, onun əsgərləri xalqa da, millətə də göstərdilər ki, bu məsələni hər istiqamətdə həll eləmək iqtidarındadırlar.  Bu, həmin 5 günlük müharibə deyil, toqquşma zamanı özünü göstərdi. Bu da Ermənistanı, o qüvvələri sülhə məcbur eləmək üçün ən lazımlı məsələlərdən biri oldu. İndi bilirsiniz ki, sülh danışıqları üçün yeni  motivlər hazırdır, danışıqlar gedir. Güman edirik ki, bu məsələ bu yolla yavaş-yavaş öz həllini tapacaq. Buyursun Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də Zahid müəllimin və Siyavuş müəllimin sözlərinə qoşuluram. Doğrudan da, hamımız rayonlarda idik və hüzr yerlərində iştirak etməklə yanaşı, başqa köməklik də göstərmişik. Amma təəssüflər olsun ki, mətbuat nədənsə bu məsələdə qərəzli idi.
Cənab Sədr, son 10 gün ərzində Rusiya informasiya məkanında, xüsusilə də ORT və RTR kanallarında gedən məlumatlara öz münasibətimi bildirmək istəyirəm. Fikir versəniz, Qərb və Şərq ölkələri, hətta İsrail kimi uzaq dövlətlər ərazi bütövlüyümüzü dəstəklədilər, bir sıra vacib bəyanatlar verdilər. Sağ olsunlar. Lakin Rusiyanın televiziya və radio məkanı yenə də köhnə avazla oxuyur. Yəni bir dəfə də olsun “separatçı rejim”, “işğal olunmuş ərazilər”, “Azərbaycanın ərazi bütövlüyü” kimi ədalətli ifadələr işlətmədilər. Əksinə, nədənsə qardaş Türkiyənin bizə olan haqlı dəstəyini tənqid atəşinə tutdular. Yenə erməni qardaşlar, yenə azərbaycanlıların aqressivliyi.
Uzun illər Rusiya mətbuatında işləyən bir insan kimi tam məsuliyyətlə deyirəm ki, bizə qarşı belə ədalətsiz münasibət hətta 90-cı illərin ağır günlərində olmayıb. Hazırda Rusiyanın teleməkanını erməni prodüsserləri, jurnalistləri, politoloqları, tarixçiləri, aparıcıları zəbt ediblər və silahlı münaqişə barədə haqlı mövqeyimizi Rusiya ictimaiyyətinə çatdırmağa hər vəclə maneə törədirlər. Mən heç nəyə təəccüblənmirəm, çünki Rusiyanın Baş naziri “Вести недели” verilişində açıq-aşkar deyir ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin sürətləndirilməsi və dondurulması arasında seçim olsaydı, o, “dondurulması”na üstünlük verərdi.
Rusiya saytlarında və sosial şəbəkələrdə vəziyyət bir qədər fərqlidir. Orada Rusiyanın bir sıra politoloq və dövlət xadimləri hətta ədalətli mövqe nümayiş etdiriblər. Amma bu, qərəzli məlumatlar dəryasında bir damladır. Ona görə mən Rusiyadakı çoxmilyonlu Azərbaycan diasporunun görkəmli rəhbərlərinə müraciət edirəm. Təklif edirəm ki, onlar belə məsələlərdə daha ayıq, daha prinsipial və cəsarətli olsunlar. Öz biznes maraqlarını ümummilli məsələlərdən üstün tutmasınlar. Hazırda Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyindən və Rusiya Azərbaycan Gənclər Təşkilatından başqa Rusiyadakı digər təşkilatlarımızın fəaliyyəti görünmür. Hər halda biz bunu mətbuatdan görmürük. Yeri gəlmişkən, təklif edərdim ki, diaspor təşkilatlarımız, Rusiyadakı varlı insanlarımız, oliqarxlarımız Azərbaycanın maraqlarını müdafiə edən…
Sədrlik edən. Elmira xanım, bu müraciəti yalnız diaspor təşkilatına deyil, Rusiya mediasında çalışan azərbaycanlılara yönəldin. Rusiya mediasında çalışanların 30 faizi ermənilərdir. Onlar da öz erməniliyini göstərirlər.
Mən indi ad çəkmək istəmirəm, Rusiyada azərbaycanlı jurnalist, televiziya işçisi azdı bəyəm? Ona görə bu müraciəti birinci növbədə onlara yönəldin. Siz orada jurnalist işləmisinizsə, birinci, onu rəfiqələrinizə göndərin və deyin ki, ay kökü azərbaycanlı olan, ürəyin də, vicdanın da azərbaycanlı olsun.
Erməni erməniliyini göstərir, imkan olan kimi sözünü deyir. Çox təəssüf ki, bizim orada çalışan bir çox jurnalistimiz azərbaycanlı olmalarını deməyə də qorxurlar. Məsələ bundadır. Ona görə erməni öz siyasətini aparır. Yəni bu müraciəti yalnız diaspor təşkilatlarına yönəltmək lazım deyil. Diaspor çalışır. Əli Məslimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Deputat həmkarlarımın qaldırdığı məsələlərə qoşuluram, eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin bu həftə atdığı çox vacib bir addımla bağlı fikir yürütmək istəyirəm. Sosial evlərlə bağlı məsələyə aydınlıq gətirilməli, yaşıl işıq yandırılmalıdır. Əgər statistikaya baxsanız görərsiniz ki, büdcə vəsaiti hesabına son 10 il ərzində alınan evlər 4 mindən bir az artıqdır. Amma sosial evlər mexanizmi vasitəsi ilə bunu xeyli dərəcədə sürətləndirmək olar.
Hesab edirəm ki, bu vacib addımı “ASAN xidmət” səviyyəsində Azərbaycan modelinə çevirməkdən ötrü 2 ay ərzində görüləcək işlər arasında bəzi məqamlara diqqət yetirilməlidir. Birinci, konkret bir konsepsiya əsasında məqsədli proqramın hazırlanmasıdır. İkincisi, bunun təşkilati tədbirləri, hüquqi məqamları istiqamətində atılacaq addımların dəqiqləşdirilməsi, maliyyə imkanlarının genişləndirilməsidir. Birinci mərhələdə, təbii ki, bu ağırlıq dövlət büdcəsinin üzərinə düşəcək. Amma bu ağırlığı təkcə dövlət büdcəsinin daşımaması üçün xarici mənbələrdən də istifadə eləmək olar. Çünki bu, çox aktual bir sosial layihə olduğuna görə əlverişli şərtlərlə xarici mənbələrdən xeyli vəsait cəlb eləmək olar.
Son vaxtlar istehsal müəssisələrinin və ali məktəblərin Bakının mərkəzindən kənara çıxarılması ideyası həyata keçirilir. Bu, çox vacibdir. Hesab edirəm ki, sosial evlər tikilən zaman həmin məqamlara kompleks şəkildə yanaşılmalıdır. Məktəbəqədər uşaq müəssisələri, orta məktəblər, ali məktəblər, yeni iş yerlərinin yaradılması məsələlərinin bu layihədə kompleks həllinə nail olunması, düşünürəm ki, yaxşı bir Azərbaycan modelinin formalaşmasına gətirib çıxara bilər.
Digər məsələ ondan ibarətdir ki, Azərbaycanda orta əmək haqqının 500 manatın altında, büdcə təşkilatlarında çalışanların əksəriyyətinin maaşlarının 200–300 manat ətrafında, regionlarda yaşayan insanların aylıq gəlirlərinin isə Azərbaycanın orta göstəricisindən 1,5–2 dəfə aşağı olmasını nəzərə alaraq kirayə haqları müəyyən edilən zaman 100 manatın altı və onun ətrafındakı rəqəmlərdən çıxış edilməsini vacib hesab edirəm. Hesab edirəm ki, bu mexanizm əsasında qurulan sosial layihə “ASAN xidmət” kimi yaxşı bir Azərbaycan modelinə çevriləcək. Uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Əli müəllim, əgər cənab Prezident bu istiqamətdə fikirlərini söyləyibsə, sərəncam veribsə və agentlik yaradıbsa, deməli, onun konsepsiyasını  hazırlayıblar və hazırlayacaqlar. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən də istəyirəm, deputat həmkarım Fazil Mustafanın toxunduğu məsələyə diqqəti yönəldim. Ümumiyyətlə, dünyada elə mövzular, elə məsələlər var ki, onun üzərində siyasət qurmaq, kimə isə olan qərəzini nümayiş elətdirmək, yaxud mübarizə aparmaq yolverilməzdir. Bu, cəmiyyət tərəfindən qınanılmalı və lənətlənməlidir.
Çox təəssüf ki, bu gün öz vətəni, torpağı uğrunda həyatını qurban vermiş şəhidlərimizin üzərində bəzi insanlar siyasət qururlar. Mən də  ürək ağrısı ilə mətbuatdan oxuyuram ki, guya hansı isə şəhidlər gizlədilir, gizli dəfn edilir, yaxud onların dəfn mərasimlərində millət vəkilləri, dövlət rəsmiləri iştirak etmirlər. Bunların hamısı rəzalətdir. Ən azından xalq, həmin şəhidlərin ailələri, yaxınları bunu görür. O dəfn, yas mərasimlərinə qatılan on minlərcə insan bunu görür.
Bir misal söyləyim. Ayın 13-də Naxçıvandan seçilmiş millət vəkilləri şəhid leytenant Qabil Orucəliyevin dəfn mərasimində iştirak edirdilər. Orada şəhidin əmisi bizə söylədi ki, həmin gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədrinin də anası dünyasını dəyişmiş, Allahın rəhmətinə getmiş imiş. Amma o, öncə şəhidin yas mərasiminə qatılıb, sonra öz anasının yas mərasiminə gedib. İnsanlar bu addımdan o qədər təsirlənmişdilər və bunu o qədər rəğbətlə qarşılamışdılar ki, ifadə etməyə söz tapmırdılar. Bunun müqabilində millət vəkilləri dəfn mərasimlərinə qatılmır deyirlərsə, hesab edirəm ki, bundan böyük rəzalət, bundan böyük alçaqlıq ola bilməz.
Həmin insanlar başa düşməlidirlər ki, bu cür fəaliyyətlə heç bir uğur qazanmaq olmaz. Kiminləsə düşmənçiliyin varsa, başqa mövzu ətrafında bu düşmənçiliyini elə, yaxud müxalifətçilik etmək istəyirsənsə, başqa mövzu ətrafında müxalifətçilik elə. Amma şəhidlər üzərində belə bir siyasətin aparılması qətiyyən yolverilməzdir.
Bəzi adamlar, vaxtı ilə 60–70 nəfər quldurun qabağından qaçanlar indi müharibə təbliğatı ilə çıxış edirlər. Avropa komissiyasında çıxış edən Əli Kərimli söyləyirdi ki, Ermənistandakı və Azərbaycandakı hakimiyyət dəyişilməyəcəyi təqdirdə sülhə təhlükə var. “Azadlıq” qəzeti bunu dərc etmişdi. Hələ altında da yazmışdılar ki, Əli Kərimli bu çıxışını ingilis dilində oxudu. Yəni bu faktdır, qalır. İndi durub deyir ki, müharibə lazımdır. Əlbəttə, bu cür riyakar insanlara qarşı cəmiyyət öz səsini qaldırmalı, öz etirazını bildirməlidir. Ki-Uest danışıqları ərəfəsində elan olunmuş mitinqi Amerika Səfirliyinin tapşırığı ilə həmin Əli Kərimli təxirə saldı. İndi durub deyir ki...
Sədrlik edən. Çox sağ olun, Qüdrət müəllim. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də dəyərli həmkarlarımın fikirlərinə tamamilə qoşuluram və bir daha qeyd etmək istəyirəm ki, aprel ayının 2-dən 5-ə qədər Azərbaycana qarşı təxribat törədən erməni silahlı qüvvələrinə qarşı Azərbaycan ordusunun göstərmiş olduğu böyük qəhrəmanlıq və qısa zaman kəsiyində əldə etmiş olduğu uğurlar, əlbəttə, bizim gələcək qələbələrimizin əsasını qoydu. Buna qətiyyən şübhə ola bilməz.
Həmin 3 gün, eyni zamanda, dünya miqyasında ciddi bir fenomeni də ortalığa qoydu. Bu, Azərbaycan xalqının Prezidentlə, ordu ilə bərabər olması idi. Bu fenomen, əlbəttə, həm bu gün, həm də gələcəkdə bizim qələbələrimizi tamamilə təmin edəcəkdir. Haqlı olaraq bu gün Azərbaycan xalqının yüksək əhvali-ruhiyyəsi var, qələbəyə böyük inamı var.
Bu gün heç kimin çağırışı olmadan insanların üçrəngli bayrağımızla şəhidlərin dəfn mərasimində kütləvi şəkildə iştirak etməsi, gənclərimiz böyük bir yürüş keçirərək ordumuzla,  Prezidentimizlə bərabər olması, əlbəttə, qürurverici hallardır. Çox təəssüf ki, bundan əndişəyə düşən cəmiyyətin bəzi tör-töküntüləri özlərinin himayəsində olan qəzetlərin, sosial şəbəkələrdə barmaqla sayıla biləcək tərəfdarlarının vasitəsi ilə Azərbaycan ordusuna, Azərbaycan cəmiyyətinə, Azərbaycan millətinə, eyni zamanda, Prezidentə böhtan, şər atmaqda davam edirlər. Əlbəttə, bu onların bir daha antimilli mövqedə durduğunu, cılızlığını, nümayiş etdirir. Mən elə bəri başdan Mətbuat Şurasının rəhbəri hörmətli Əflatun müəllimə, həmkarımıza müraciət edirəm ki, Mətbuat Şurasının buna qarşı sərt mövqeyini ortaya qoysun. Biz müharibə ərəfəsindəyik. Sosial şəbəkələrdə bununla bağlı ritorikalara, müzakirələrə müəyyən qadağalar qoyulsun və sair.
İkinci, Avropa–Azərbaycan Cəmiyyəti Avropanın, demək olar ki, bütün ölkələrində Azərbaycan xalqı ilə həmrəy olduğunu nümayiş etdirən aksiyalar keçirdi. Ancaq bu aksiyaları biz MDB məkanında görmədik. Ona görə təklif edərdim ki, diaspor təşkilatı MDB məkanında da Azərbaycan xalqı ilə, Azərbaycan dövlət ilə, ordu ilə həmrəy olduğunu nümayiş etdirən bu cür aksiyaların keçirilməsinə xüsusi diqqət versin. Qələbə bizimlədir, buna mənim qətiyyən şübhəm yoxdur. Çox sağ olun.
Sədrlik edən.  Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Aprelin əvvəllərində cəbhədə baş verən hadisələr, Azərbaycan ordusunun uğurları, əlbəttə, Azərbaycan vətəndaşı kimi, məni də çox qürurlandırır, sevindirir. Amma bununla bərabər, qeyd etmək istəyirəm ki, Azərbaycan ordusunun uğurlarının bünövrəsində Azərbaycan iqtisadiyyatı dayanır, dövlət başçısının son 13 ildə Azərbaycan ordusuna olan müsbət münasibəti dayanır. Biz ordumuzun güclü olmasını istəyiriksə, Azərbaycan iqtisadiyyatının daha uğurlu davamlı inkişafını təmin etməliyik.
Son vaxtlar cənab Prezident tərəfindən çox ciddi iqtisadi-siyasi islahatlara start verilib. Bununla əlaqədar müəyyən qərarlar, sərəncamlar imzalanıb, müəyyən agentliklər, məhdud məsuliyyətli cəmiyyətlər yaradılıb. Bütün bunların inkişafı üçün, əlbəttə, müəyyən qədər maliyyə bazasının yaradılmasına ehtiyac var.
Amma çox təəssüflər olsun ki, Azərbaycanın bank sistemində çox ciddi problemlər yaranıb və bu gün Azərbaycanın bank sistemi iflic vəziyyətindədir. Azərbaycanın bank sistemində likvidlik problemi ön plana çıxarılıb, bank sistemində kredit portfeli çox aşağı səviyyədədir. Bankda maliyyənin təxminən 83 faizi dollardadır. “Əmanətlərin sığortalanması haqqında” Qanunu qəbul etməyimizə baxmayaraq, faktiki olaraq manatla proseslər həyata keçirilmir. Ona görə də bank sistemində çox ciddi problem yaranmışdır.
Mən payız sessiyası başlayanda bu məsələ ilə əlaqədar İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədrinə, o cümlədən cənab Sədr, Sizə müraciət etdim ki, gəlin, bankların rəhbərlərini Milli Məclisə dəvət edək və bank sistemi ilə əlaqədar məsələləri çox ciddi araşdıraq, baxaq. Bizim öz təkliflərimiz var. Mən mütəmadi rəhbər orqanlarla əlaqələr yaradıram və bu sistemdə olan problemləri müəyyən qədər onlara çatdırıram. Amma bu vəziyyəti aradan qaldırmaq üçün çox ciddi addımların atılmasına ehtiyac var. Əgər biz qısa müddətdə bank sistemində ciddi islahatları həyata keçirə bilməsək, Azərbaycanın iqtisadiyyatında çox ciddi problemlər yaşanacaq.
Kənd təsərrüfatının pambıqçılıq, tütünçülük və digər sahələrinin inkişafı ilə əlaqədar cənab Prezidentin göstərişi var. Amma bunları həyata keçirmək üçün bank sistemi çevik işləməli, əhaliyə kredit verməlidir. Hazırda əhali 5000 manat, 10000 manat əmanətini bankdan götürə bilmir. Ona görə də mən həm komitə sədrindən, həm də Oqtay müəllim, Sizdən bir daha xahiş edirəm, bank rəhbərlərini Milli Məclisə dəvət etmək lazımdır. Bizim təkliflərimiz var, onları müzakirə etmək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Yarım saatdır, müzakirə gedir. Fərəc Quliyev də danışsın, müzakirələri bitirək. Fərəc Quliyev, buyurun.
F.Quliyev. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən buradakı çıxışların məğzindən gördüm ki, milli maraqlara qarşı gedənlərin daha çox ictimai qınağa verilməsindən söhbət gedir. Amma millətin bu günündə, hamının düşmənə qarşı olduğu bir zamanda, həm arxa cəbhədə, həm də ön cəbhədə Prezident başda olmaqla iqtidarlı-müxalifətli hər kəsin düşmənə qarşı olduğu müddətdə Azərbaycanın milli maraqlarına qarşı gedənləri yenə də ictimai qınağa vermək yetərli deyil.
Misal üçün, Türk Cəza Qanununun 301-ci maddəsi var. Orada göstərilir ki, Türk millətini, Türkiyə Cümhuriyyəti dövlətini, onun qurumlarını aşağılayanlar məsuliyyət daşıyırlar. Biz qanunvericilikdə dəyişiklik etməliyik. Konkret olaraq Azərbaycanın dövlət maraqlarını, milli maraqları, dövlət orqanlarını, ordunu və sairi aşağılamağa görə məsuliyyət nəzərdə tutulmalıdır. Çox sərt qanun qəbul etməliyik.
İkinci, mənim bir təklifim var. Azərbaycanın son davranışları həm beynəlxalq səviyyədə, həm də cəmiyyətin özündə bütün mövqelərini açıq şəkildə ortaya qoyur ki, biz nə istəyirik. Prezidentə dəstək vermək üçün təklif edirəm ki, Milli Məclis bir plenar iclasını Dağlıq Qarabağla bağlı dinləmələrə həsr etsin. Bu iclasda Xarici İşlər Nazirliyi və Müdafiə Nazirliyi də iştirak etsin. Bu iclas qapalı da keçirilə bilər. Amma burada münaqişənin həlli çərçivəsi ilə bağlı müzakirələr olsun və cəmiyyətdə bəzi qaranlıq dairələrdən çıxan qaranlıq şüarların qarşısını almaq üçün Azərbaycanın mövqeyi ortaya qoyulsun. Həm xaricdə, həm də başqa yerlərdə görsünlər ki, ölkə Prezidentinin ortaya qoyduğu iradə milli iradədir və onu parlament də, bütün xalq da müdafiə edir.
Müzakirələrin sonunda müəyyən bir qərar almaq da mümkündür. Həm də Dağlıq Qarabağla bağlı müəyyən təklifləri də cəmiyyətdən almaq olar və orada müzakirə etmək mümkündür. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gündəliyə keçirik. Gündəliyin birinci məsələsi “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanununda dəyişiklik edilməsi barədədir. Hörmətli millət vəkilləri, bilirsiniz ki, Konstitusiya qanununun birinci oxunuşundan 6 ay sonra ikinci səsvermə keçirilir. 6 ay keçib. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, cənab Sədrin söylədiyi kimi, 6 ay bundan əvvəl bu Konstitusiyaya qanununa bir dəyişiklik etmişik. Dəyişikliyin mahiyyəti ondan ibarətdir ki, Miqrasiya Məcəlləsində “qanunsuz miqrantların saxlanılması mərkəzləri” anlayışı var. Həmin mərkəzlərdə istənilən vaxt baxış, yoxlama keçirmək səlahiyyətinin insan hüquqları üzrə müvəkkilə verilməsi məsələsi öz həllini tapmışdır.
Bu qanun Konstitusiya qanunu olduğuna görə zamanında müzakirə olundu, fikir mübadiləsi aparıldı və qəbul olundu. İndi isə cənab Sədr, Sizin dediyiniz kimi, 6 ay keçdiyi üçün, sadəcə, biz ikinci səsverməni keçirməliyik. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, Konstitusiya Qanunu olduğuna görə səsvermədə diqqətli olsunlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Onda xahiş edirəm, səs verək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvlərinin və əvəzedici üzvlərinin seçilməsi haqqında qanun layihəsidir. Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Seçki Məcəlləsinin 19.7 və 24-cü maddələrinə uyğun olaraq Mərkəzi Seçki Komissiyası təşkil olunur. Bu formatı hamınız yaxşı bilirsiniz.  6 üzv çoxluq təşkil edən partiya tərəfindən, 6 üzv bitərəflər və 6 üzv Milli Məclisdə azlıq təşkil edən partiyalar tərəfindən seçilir.
Mən sizə söyləyim ki, çoxluq təşkil edən partiya da, bitərəflər də, azlıq təşkil edən partiyalar da öz namizədlərini veriblər. Bu sənədlər sizin hamınızın stolunun üstündə var. 3 nəfər çıxış etmək istəyən var. Buyursun Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Sözsüz ki, təqdim olunan namzədlərin hamısına səs verəcəyəm. Ümid edirəm ki, deputat həmkarlarım da onları müdafiə edəcəklər. Onların hamısını çoxdan tanıyırıq, peşəkarlardır.
Oqtay müəllim, vaxtı ilə Məhkəmə-Hüquq Şurasının üzvlərinə diplomatik pasport verilərkən mən bunu dəstəklədim, səs verdim. Dedim ki, Məhkəmə-Hüquq Şurası həm də hakimləri seçir. Amma Mərkəzi Seçki Komissiyası həm Prezidenti, həm də millət vəkillərini seçir. Ona görə də ədalətli olar ki, Mərkəzi Seçki Komissiyasının üzvlərinə də diplomatik pasportlar verilsin. Onlar həm də tez-tez müxtəlif ölkələrdə səfərlərdə olurlar, ayrı-ayrı ölkələrdə seçkiləri müşahidə edirlər. Yəni bu baxımdan da əlverişli olardı ki, onlara diplomatik pasportlar verilsin. Ümid edirəm ki, Siz göstəriş versəniz bu məsələ araşdırılar və biz müvafiq qərar qəbul edərik. Diqqətinizə görə sağ olun. Öncədən də bütün üzvləri təbrik edirəm, uğurlar arzulayıram.
Sədrlik edən. Sağ olun. Əvvəl seçək, sonra bu məsələlərə baxarıq. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də həmkarım Qüdrət Həsənquliyevin fikirlərinə qoşuluram. Doğrudan da, Mərkəzi Seçki Komissiyasının bu formatı uzun müddətdir fəaliyyət göstərir və burada bütün tərəflər öz əksini tapır. Yəni həm parlamentdə çoxluq təşkil edən partiyanın, həm bitərəflərin, həm də azlıq təşkil edən partiyaların nümayəndələri burada təmsil olunurlar.
Bəzi hallarda müraciət edirdilər ki, hansı isə format olsun və sair və ilaxır. Lakin deyim ki, dünya təcrübəsində, belə bir gözəl format tapmışıq və istənilən halda çox gözəl, çox uğurlu seçki proseslərini həyata keçiririk. Daim təkmilləşdirmə işləri aparılır. Yerlərdə artıq dairə seçki komissiyaları formalaşıbdır. Onlar maddi-texniki vasitələrlə təchiz olunublar və mütəmadi maarifləndirilmə işləri həyata keçirilir. Bu üzvlərin hər biri Seçki Məcəlləsini, normativ hüquqi aktları çox gözəl bilən təcrübəli insanlardır.
Hər dəfə seçkilərdə yeni beynəlxalq təcrübənin tətbiqinin şahidi oluruq. Bizim Mərkəzi Seçki Komissiyasının çox geniş beynəlxalq əlaqələri mövcuddur. Seçki dövründə həm siyasi partiyaların, həm müşahidəçilərin, həm də məşvərətçi səs hüququ olan üzvlərin təlimatlandırılması üçün əsaslı şəkildə təlimatlar qəbul olunub. Qanunun özü ilə və aydın olmayan məsələlərlə əlaqədar Mərkəzi Seçki Komissiyası kifayət qədər təlimatlar qəbul edib ki, bu da onların professionallığını göstərir. O baxımdan mən Mərkəzi Seçki Komissiyasına seçiləcək üzvlərin hər birinə uğurlar arzulayıram. Hesab edirəm ki, onlar bu işləri davam etdirməlidirlər. Deputat həmkarlarımı da onlara səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Siyavuş müəllim. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, həmkarlarımın söylədiyi kimi, həqiqətən, 2003-cü ildə yeni Seçki Məcəlləsi qəbul olunduqdan sonra qısa, amma əhəmiyyətli bir yol keçmiş olduq. Xatırlayırsınızsa o zaman beynəlxalq təşkilatlar, xüsusən də ATƏT Mərkəzi Seçki Komissiyası ilə bağlı müxtəlif formatlar təklif edirdi. Amma bu gün gəldiyimiz nəticə və Mərkəzi Seçki Komissiyasının fəaliyyətindəki uğurlar onu göstərdi ki, o zaman ulu öndər tərəfindən təqdim olunmuş və parlamentin qəbul etdiyi Seçki Məcəlləsi, ən başlıcası Mərkəzi Seçki Komissiyasının formatı çox düzgün yol olmuşdur. Çünki yeni Seçki Məcəlləsinin qəbulu peşəkar seçki administrasiyasının yaradılmasına həsr olunurdu. Onlar müstəqil insanlardır və fəaliyyətləri dövründə siyasi fəaliyyətdən uzaqdırlar.
Oqtay müəllim, təqdirəlayiq haldır ki, indi təqdim olunanlar arasında yeniləri də var. Elə hallar var ki, əvəzedici əsas heyətə təklif olunur. Mən hesab edirəm ki, həm Yeni Azərbaycan Partiyası, həm bitərəflər, həm də parlamentdə təmsil olunan digər partiyalar təcrübəli namizədlər irəli sürüblər. Bu gün səs verəcəyimiz adamlar və Mərkəzi Seçki Komissiyasının indiyə qədərki fəaliyyəti onu göstərdi ki, Seçki Məcəlləsində komissiyaların formalaşdırılması ilə bağlı seçdiyimiz yol dəqiq və düzgün olmuşdur. Mən də millət vəkillərini təklif olunmuş namizədlərə səs verməyə dəvət edirəm.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun. Mən hamınızın adından Seçki Komissiyasının üzvlərini təbrik edirəm, onlara gələcək işlərində uğurlar arzulayıram. Çox sağ olun. Məzahir müəllim, sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
Çox sağ olun, hörmətli Sədr. Mərkəzi Seçki Komissiyası öz fəaliyyətini Azərbaycan Respublikasının Seçki Məcəlləsi və digər qanunvericilik aktları əsasında həyata keçirir. Mən məmnunluqla deyə bilərəm ki, Mərkəzi Seçki Komissiyasına olan etimadı həmişə yerinə yetirməyə çalışmışıq. Milli Məclis Mərkəzi Seçki Komissiyasının fəaliyyətini həmişə müdafiə edib və ölkə rəhbərliyinin həyata keçirdiyi siyasət, demokratik tələblər Mərkəzi Seçki Komissiyasında da hakim bir mövqedir. Ona görə mən sizə öz minnətdarlığımı bildirirəm və əmin edirəm ki, Mərkəzi Seçki Komissiyası qarşıdan gələn 5 ildə də seçkilərdə qanunvericiliyin tələblərini yüksək səviyyədə gözləməklə Azərbaycan xalqının maraqlarını həmişə ön plana çəkəcəkdir. Çox sağ olun, minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Çox sağ olun, müvəffəqiyyətlər arzulayırıq.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası Hesablama Palatasının hesabatı haqqındadır. Buyurun, Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli media üzvləri və hörmətli qonaqlar! 2015-ci il son illərdə dünya iqtisadiyyatının rastlaşdığı tərəddüdlü illərdən biri olmuşdur və müxtəlif ölkələr tərəfindən ciddi büdcə qənaətlərinin tətbiqi ilə xarakterizə edilir. Bu faktorlar respublikamızın qlobal iqtisadiyyata inteqrasiya olunmuş iqtisadi sisteminə də öz təsirini göstərmiş, lakin ölkə başçısı tərəfindən həyata keçirilən düşünülmüş islahatlar mənfi təsirlərin yumşaldılmasına öz töhfəsini vermişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin layiqincə yerinə yetirilməsi və büdcə vəsaitlərindən qənaətli, səmərəli istifadənin daha da aktuallaşması hesabat ilində dövlət maliyyə nəzarəti sistemində müəyyən olunmuş səlahiyyətləri çərçivəsində Hesablama Palatasını fəaliyyətini daha da gücləndirməsinə səfərbər etmişdir.
Diqqətinizə təqdim edilmiş hesabat beynəlxalq təcrübəyə uyğun olaraq palatanın 2015-ci ildə maliyyə-büdcə nəzarəti və ekspert-analitik fəaliyyətinin, həmçinin korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyətinin əsas nəticələrinə uyğun tərtib edilmişdir. Eyni zamanda, hörmətli millət vəkillərinin ötən hesabatlarda təqdim etdikləri təkliflər də nəzərə alınmışdır. Sizlərə təqdim edilmiş builki hesabatın fərqli xüsusiyyəti budur ki, ayrı-ayrı audit obyektlərində aparılmış auditin nəticələri ilə yanaşı, büdcə sferasının müxtəlif xərc istiqamətləri üzrə mövcud problemləri ilə bağlı geniş təhlillərə yer verilmişdir. Növbəti illərdə də bu fəaliyyəti gücləndirməyi nəzərdə tuturuq.
Hörmətli millət vəkilləri, 2015-ci ildə Hesablama Palatasının iş planına uyğun olaraq dövlət büdcəsi və büdcədənkənar dövlət fondları üzrə biri ekspert-analitik təhlil olmaqla 84, Naxçıvan Muxtar Respublikasının büdcəsi üzrə isə 24 nəzarət tədbirinin keçirilməsi ilə bağlı qərar verilmişdir. 1 audit tədbiri audit dövründə həmin qurumun vəzifəli şəxsləri ilə bağlı aidiyyəti orqanlar tərəfindən cinayət işinin başlanması səbəbindən dayandırılmış, 1 audit tədbiri isə növbəti ilə keçirilmişdir. Bundan əlavə, hesabat ilində 2014-cü ilin iş planı üzrə 2 nəzarət tədbirinin nəticələri də yekunlaşdırılmış və hesabata daxil edilmişdir.
2015-ci ildə başa çatdırılmış nəzarət tədbirləri 175 qurumun, o cümlədən 29 rayon icra hakimiyyəti orqanının və Azərbaycan Respublikasının xarici ölkələrdəki 4 diplomatik korpusunun fəaliyyətini əhatə etmişdir. Hesabat ilində dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarət tədbirləri 4,2 milyard manat məbləğində vəsaiti əhatə etmişdir. Qeyd edək ki, 2014-cü illə müqayisədə nəzarət tədbirlərinin sayında əhəmiyyətli dəyişiklik olmasa da, 2015-ci ildə əhatə edilmiş vəsaitin məbləği əvvəlki illə müqayisədə 15,3 faiz çoxdur.
Dövlət büdcəsinin funksional xərcləri üzrə strukturu baxımından daha çox investisiya ilə bağlı xərclərə yönəldilmiş vəsait əhatə olunmuşdur. 2015-ci ildə nəzarət tədbirləri ilə əhatə olunmuş cəmi vəsaitin 90,9 faizi mərkəzləşdirilmiş, 9,1 faizi isə yerli xərclər üzrə olmuşdur.
Hesabat ilində büdcədənkənar dövlət fondlarının gəlir və xərcləri ilə bağlı aparılmış nəzarət tədbirlərində Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2014-cü il üçün maliyyə hesabatları, həmçinin Dövlət Neft Fondundan Azərbaycan Respublikası Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna ayrılmış 2013–2014-cü illər üzrə vəsait audit olunmuşdur. Dövlət Sosial Müdafiə Fondu ilə bağlı nəzarət tədbirləri isə 128,7 milyon manat vəsaiti əhatə etmişdir.
2015-ci ildə nəzarət tədbirləri beynəlxalq təşkilatlardan cəlb edilmiş kreditlər hesabına icra olunmuş bir sıra layihələr üzrə 68,1 milyon ABŞ dolları, 17,3 milyon avro və 7 milyard yapon yeni məbləğində  vəsaiti əhatə etmişdir.
Dövlət büdcə xərclərinin nöqsanlarının qruplaşdırılmasını aparsaq, əsasən, əməyin ödənilməsi, əsas fondların təmiri, tikintisi və bərpası, dövlət satınalmalarının həyata keçirilməsi, mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtibi zamanı yol verilmiş nöqsanların xüsusi çəkiyə malik olduğunu görərik.
Ötən hesabatlarda qeyd edildiyi kimi, dövlət satınalmalarının keçirilməsi istiqamətində buraxılmış nöqsanlara audit olunmuş bütün qurumlarda rast gəlmək mümkündür. Satınalma metodu tətbiq edilmədən müqavilələrin bağlanması, həmçinin qurumlar tərəfindən qanunvericiliklə müəyyən olunmuş məbləğ məhdudiyyətinin aradan qaldırılması məqsədilə vəsaitin ayrı-ayrı müqavilələrə bölünərək satınalma metodunun dəyişdirilməsi ilə yanaşı, büdcə vəsaitindən istifadə edən təşkilatlar tərəfindən bir mənbədən satınalma metoduna üstünlük verilməsi hallarına daha çox rast gəlinmişdir. Təhlil bir mənbədən satınalma metodu tətbiq edilməklə bağlanmış, birbaşa müqavilələrin, əsasən, təmir-tikinti ilə bağlı fəaliyyəti əhatə etdiyini göstərir. Bu sahədə qeyd edilməli əsas məqam isə audit olunmuş qurumlar tərəfindən bəzi hallarda zərurət olmadan bir mənbədən satınalma keçirilməsi üçün müraciətin olmasıdır.
Ümumilikdə hesabat ilində dövlət büdcəsinin gəlirləri, dövlət büdcəsinin xərcləri, Baş Prokurorluğa göndərilmiş materiallar və əvvəlki illərdə aparılmış nəzarət tədbirlərinin nəticələri nəzərə alınmaqla 10 milyon 286,7 min manat və 60,2 min avro məbləğində vəsait müvafiq qaydada bərpa edilmişdir. Hesabat ilində nəzarət tədbirləri nəticəsində artıq ödənilmiş vəsaitlərin dövlət büdcəsinə bərpası ilə yanaşı, müvafiq olaraq 1,6 milyon manat məbləğində işlər və xidmətlərin görülməsi həyata keçirilmiş və 1,7 milyon manat məbləğində inventar və avadanlıqların natura şəklində bərpası təmin edilmişdir.
Qeyd edilənlərlə yanaşı, 271 ştat vahidinin azalması təmin olunmuşdur  ki, bu da əlavə vəsaitin istifadəsinin qarşısının alınması deməkdir. Dövlət büdcəsi ilə yanaşı, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu üzrə aparılmış 4 nəzarət tədbirinin nəticələrinə əsasən 266 min manat vəsait fondun büdcəsinə bərpa edilmiş, həmçinin məcburi dövlət sosial sığorta haqları üzrə az hesablanmış 636,9 min manat məbləğində vəsait sığortaedənlərin hesabatlarında əks olunmuşdur.
Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri ilə bağlı Hesablama Palatası tərəfindən 134 təqdimat göndərilmişdir. Hesabat ilində  qəbul edilmiş Kollegiya qərarları ilə 995 tövsiyə verilmişdir ki, onların 10,8 faizi yol verilmiş nöqsanlar üzrə dövlət büdcəsinə bərpa və işlərin görülməsi, 8,5 faizi debitor və kreditor borclarla bağlı olmuş, 80,7 faizi isə müəyyən edilmiş nöqsanlara gələcəkdə yol verilməməsi, fəaliyyətin gücləndirilməsi ilə bağlı müxtəlif istiqamətləri əhatə edən məsələlərdən ibarət olmuşdur. İşində nöqsanlara yol vermiş şəxslərə münasibətdə qanunvericiliklə müəyyən olunmuş qaydada 398 nəfərlə bağlı intizam tənbehi tədbirləri görülmüşdür.
Hesablama Palatası olaraq diqqət yetirdiyimiz digər məqamlar isə vəsaitlərin səmərəli istifadəsinin təmin edilməsi və vəsaitlərin təyinatı üzrə istifadəsi ilə bağlı olmuşdur. Hesablama Palatasının ötən illərdə də hesabatlarında göstərildiyi kimi, audit olunan qurumların böyük əksəriyyətində müəyyən olunmuş nöqsanların biri də vəsaitlərin təyinatının dəyişdirilməsidir. Nəzarət tədbirlərinin nəticələri üzrə məlumatların təhlili vəsaitlərin vahid büdcə təsnifatı ilə müəyyən olunmuş iqtisadi və funksional təsnifat koduna uyğun istifadə edilməməsi hallarına rast gəlindiyini göstərir. Həyata keçirilmiş nəzarət tədbirlərinin nəticəsində müəyyən edilmişdir ki, audit olunan qurumlar tərəfindən 49,2 milyon manat məbləğində vəsait vahid büdcə təsnifatı ilə təsdiq edilmiş iqtisadi və funksional təsnifat kodu üzrə icra olunmamışdır.
Son dövrlərdə aktuallaşan bir məsələ də məhz vəsaitlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlıdır. Artıq bununla bağlı müvafiq qanunvericilik aktlarına zəruri əlavələr olunmaqdadır. Hesab edirik ki, mövcud qanunvericilik aktlarında, ümumiyyətlə, “təyinatdan kənar xərc” anlayışına dəqiq izah verilməlidir. Belə ki, “təyinatdan kənar xərc” dedikdə büdcədən ayrılan vəsaitin vahid büdcə təsnifatının funksional və iqtisadi təsnifatı üzrə icra edilməməsi ilə yanaşı, malın və görülmüş işin optimal qiymətə ödənilməməsi səbəbindən artıq vəsaitin xərclənməsi, vəsaitlərin ünvanlı ödənilməməsi və xərclər smetasında planlaşdırıldığı kimi icra edilməməsi də başa düşülməlidir. Bu anlayışın müfəssəl təsviri nəzarət tədbirlərinin səmərəli nəticələnməsinə yardımçı olacaqdır.
Hörmətli millət vəkilləri, Hesablama Palatasının işinin digər bir komponenti ekspert-analitik fəaliyyətlə bağlıdır. Mövcud qanunvericiliyə uyğun olaraq Hesablama Palatası bu istiqamətdə dövlət büdcəsi və büdcədənkənar fondların layihəsini, həmçinin dövlət büdcəsinin icrası ilə bağlı rəylərini hazırlamışdır. Həmin rəylərdə Hesablama Palatası büdcə prosesinin təkmilləşdirilməsi ilə yanaşı, maliyyə intizamının gücləndirilməsi sahəsində təkliflərini hörmətli millət vəkillərinə təqdim etmişdir. Tərtib edilmiş rəylərdə ilk dəfə olaraq Hesablanma Palatasının nəticə və tövsiyələri, ümumilikdə isə 98 təklif və 15 tövsiyə əks etdirilmişdir.
Hazırda müzakirənizə təqdim edilmiş hesabatda büdcə prosesinin təkmilləşdirilməsi ilə bağlı 16 mühüm təklif təqdim olunmuşdur.  Təqdim edilən təkliflər dövlət büdcə xərclərindən qənaətli istifadə edilməsi, vergi inzibatçılığının gücləndirilməsi, büdcəsinin icrası prosesində xərclərin normativləşdirilməsi və dövlət büdcəsindən maliyyələşən təşkilatlar tərəfindən yol verilmiş maliyyə pozuntularına görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə edilən müvafiq dəyişikliklərlə bağlıdır.
Hörmətli millət vəkilləri, parlamentin ötən plenar iclasında İnzibati Xətalar Məcəlləsinə edilən bir sıra dəyişikliklərə baxılmışdır. Hesab edirik ki, həmin məcəllənin müvafiq maddələrinə dövlət satınalmaları və dövlət investisiyaları ilə bağlı hüquqpozmalara dair əlavələr də edilməlidir.
Hesabata, eyni zamanda, Hesablama Palatasının korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində fəaliyyəti ilə bağlı məlumatlar da daxil edilmişdir. Qeyd edək ki, “Açıq hökumətin təşviqinə dair 2012–2015-ci illər üçün Milli Fəaliyyət Planı”nda nəzərdə tutulmuş tədbirlərin icrasını təmin etmək üçün hesabat ilində Hesablama Palatasının yenilənmiş rəsmi internet səhifəsi istifadəyə verilmişdir. Şəffaflığın təmin edilməsi və məlumatlığın artırılması məqsədilə dövlət büdcəsinə verilən rəylər, maliyyə nəzarətinin nəticələri barədə statistik təhlillər, eləcə də başa çatdırılmış nəzarət tədbirlərinin nəticələri ilə bağlı məlumatlar mütəmadi olaraq sayta yerləşdirilməklə ictimaiyyətə çatdırılmışdır.
Hesablama Palatası yuxarıda göstərilən funksional fəaliyyəti üçün dövlət büdcəsindən 2015-ci ildə 3 milyon 175 min manat vəsait istifadə etmişdir. Bu, təsdiq edilmiş xərclər smetasının 81,6 faizidir və keçən ilin anoloji göstəricisindən 2,3 faiz azdır. Bu vəsaitin 82,5 faizi əməyin ödənişi xərcləridir ki, hesabat ilində Naxçıvan Muxtar Respublikası üzrə idarə də daxil olmaqla 146 nəfərə bu əmək haqqı ödənilmişdir.
2015-ci ildə Azərbaycan Respublikası Hesablama Palatasının ali audit orqanı kimi fəaliyyəti beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilmişdir. Qeyd edək ki, Açıq büdcə indeksi ilə bağlı hesabatda Azərbaycan Respublikası Hesablama Palatasının büdcəyə nəzarət baxımından fəaliyyəti 100 ballıq cədvəldə 50 balla dəyərləndirilmişdir ki, bu da əvvəlki qiymətləndirilmədən 8 bal çoxdur. İnanırıq ki, növbəti qiymətləndirmədə Hesablama Palatasının mövqeyi daha da yüksələcəkdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, cari ildə Hesablama Palatası tərəfindən dövlət büdcəsinin gəlirlərinin və xərclərinin icrasına, dövlət əmlakının istifadəsinə dair 80-dən çox audit və ekspert-analitik təhlil işləri planlaşdırılır. Ölkəmizdə yaranan yeni iqtisadi şərait büdcə istifadəçilərindən büdcə vəsaitinə çox diqqətli və tarazlı yanaşma tələb edir. Belə bir şəraitdə dövlət maliyyə nəzarət orqanının rolu əhəmiyyətli şəkildə artır.
Azərbaycan Respublikasının Hesablama Palatası 2016-cı ildə fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş strategiyaya uyğun olaraq daha səmərəli təşkil edəcəkdir. Maliyyə nəzarəti istiqamətləri ilə bağlı cənab Prezidentin mövqeyi, xüsusilə gəlirlərin artırılması, xərclərin icrasında qənaətlilik və səmərəlilik meyarlarına riayət edilməsi, dövlət əmlakının istifadəsində məsuliyyətin gücləndirilməsi, dövlət satınalmalarının keçirilməsində şəffaflığın və rəqabətin qorunması məsələləri cari ilin iş planının icrasında xüsusilə diqqətdə saxlanılmaqdadır. Hörmətli millət vəkillərinin bu istiqamətdə dəyərli tövsiyələri Hesablama Palatasının gələcək fəaliyyətində əhəmiyyətli rol oynayır. Diqqətinizə görə təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 25 millət vəkili çıxışa yazılıb. Əgər etiraz eləmirsinizsə, çıxışları 5 dəqiqəyə keçirək. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli millət vəkilləri, təbii ki, Hesablama Palatasının hesabatına müsbət rəy verəcəyik, dəstəkləyəcəyik. Mən özüm də müsbət rəy verəcəyəm, dəstəkləyəcəyəm, amma bir neçə məsələni xüsusi vurğulamaq istəyirəm. Hesablama Palatası tərəfindən aparılmış audit tədbirləri nəticəsində ortaya çıxmış məsələlərə çox ciddi şəkildə diqqət yetirmək lazımdır. Əslində,  sənəddə də bu məsələlərə çox ciddi diqqət yetirilməsi öz əksini tapır.
Hesablama Palatasının apardığı audit nəticəsində məlum olub ki, səhiyyə müəssisələrində çoxlu sayda vakant iş yerləri var. Onların müxtəlif rayonlar üzrə sayı burada göstərilir. Bütün rayonlarımızı da nəzərə alsaq, məlum olur ki, səhiyyə müəssisələrində yüzlərcə vakant yer var. Bizim səhiyyə sahəsində iş gözləyən çoxlu sayda insanımız var. Onlar oxuyublar, ali təhsil alıblar, amma bu gün iş problemləri var. Bu qədər vakant iş yerləri olmasına rəğmən, çox təəssüf ki, ortaya başqa bir məsələ çıxıb. Səhiyyə müəssisələri bu vakant iş yerlərinə işçi almaqdansa, o ştatları tibbi heyət arasında bölüşdürməyə üstünlük verib. Bu, çox ciddi bir məsələdir, çünki Hesablama Palatasının rəyində ikinci bir məsələ vurğulanır. Qeyd olunur ki, stasionarlarda iş yükünün azalmasına baxmayaraq, vakant ştatlar tibbi heyət arasında bölüşdürülür. Əslində iş yükü daha da azalır, amma buna rəğmən vakant iş yerlərinin tibbi heyət arasında bölüşdürülməsi davam edir.
Bu, təbii ki, məsələnin digər tərəfidir. Burada hansı maraqlar var bilmirəm, amma ciddi məsələ ondan ibarətdir ki, bu gün səhiyyə sahəsində bizim xeyli sayda iş gözləyən insanımız var. Cənab Prezident də xüsusi olaraq vurğulayır ki, ən vacib məsələlərdən biri yeni iş yerlərinin yaradılmasıdır. Belə olan halda yüzlərcə vakant iş yerlərinin  demək olar ki, iş yükünün az olmasına baxmayaraq, stasionarlarda tibbi heyət arasında bölüşdürülməsi, məncə, doğru deyil. Mütləq bu vakant yerlərdən istifadə etmək lazımdır ki, insanlarımız həm işlə təmin olunsunlar, həm də bu sahədəki bilik və bacarıqlarını itirməsinlər. Çünki bu, elə bir sahədir ki, burada qazanılan biliklər praktikada istifadə olunmalıdır. Ona görə hesab edirəm ki, Hesablama Palatasının qaldırdığı bu məsələyə çox ciddi şəkildə yanaşılmalı, vakant iş yerləri ilə bağlı məsələ diqqətdə olmalı və ora yeni işçilərin götürülməsi məsələsi həyata keçirilməlidir. Bu iş yerlərinin tibbi heyət arasında bölüşdürülməsi məsələsinə az ehtiyac var. Amma araşdırma göstərir ki, bu, rayonlarda bir adət halını alıb. Bunu aradan qaldırmaq çox önəmli bir məsələdir.
İkinci, Hesablama Palatası  çox önəmli bir təkliflə çıxış edir. Biz bunu dəstəkləyirik. Nəyə görə? Çünki millət vəkilləri olaraq, bu məsələ ilə bağlı bizə də müraciətlər gəlir. Məsələ ondan ibarətdir ki, valideyn himayəsindən məhrum olmuş uşaqların təhsil haqqından azad olunması, yəni onların təhsil haqlarının dövlət tərəfindən ödənilməsi məsələsini qoymuşduq. Amma burada müəyyən ziddiyyətli məqamlar ortaya çıxır və qanunvericilikdə kiçik düzəlişlərə ehtiyac var.
Söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu, 18 yaşından 23 yaşınadək gənclərə tətbiq olunur. Hər kəs birinci il ali məktəbi qazanmaya bilir. Yəni valideyn himayəsindən məhrum olunmuş uşaqların hamısı ali məktəbi 18 yaşında daxil olub, 23 yaşında bitirmir. Elələri var ki, ikinci il, ya da üçüncü il ali məktəbə daxil ola bilirlər. Onda ortaya nə çıxır? Onlar 1–3-cü kurslarda ödənişdən azaddırlar, amma sonra ödəniş etməlidirlər. Bu uşaqlar tam şəkildə valideyn qayğısından  məhrumdurlar. Onlar təhsil aldıqları müəssisələrə müraciət edirlər, amma qanunvericilikdəki bu məsələlərlə bağlı çox çıxılmaz vəziyyət yaranır. Ona görə hesab edirəm ki, valideyn himayəsindən tamamilə məhrum olmuş uşaqların əgər alim...

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Ziyad müəllim, sualınız var? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yazılmışkən bir-iki kəlmə deyin.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Bilirsiniz ki, biz qanuna görə Hesablama Palatası ilə bir yerdə mütəmadi çalışırıq və təkliflərimiz nəzərə alınır. Mən bildirmək istəyirəm ki, Hesablama Palatasının təqdim etdiyi hesabat bir çox xüsusiyyətlərinə görə diqqəti cəlb edir. Əvvəla, hesabatın strukturu ənənəvi strukturlardan fərqlənir. Hesabatın 50 faizi dövlət büdcəsinin təhlilinə, 50 faizi nəzarət məsələlərinə həsr edilmişdir. İlk dəfə olaraq hesabatda dövlət büdcəsinin sistemli təhlilinə yer verilmişdir. Bu təhlildən çıxan nəticələr, şübhəsiz ki, idarəetmə strukturlarına göndərilmişdir.
Millət vəkilləri hər il haqlı olaraq soruşurdular ki, dövlət büdcəsinin xərcləri ilə bağlı həyata keçirilmiş nəzarətin məbləği nə qədərdir? Mən  razılıq hissi ilə bildirmək istəyirəm ki, artıq büdcə vəsaitlərinin 5 milyarda qədəri Nəzarət Palatası tərəfindən həyata keçirilir. Burada da əsas yeri sənaye, tikinti və faydalı qazıntılar bölməsi tutur. Bilirsiniz ki, ölkə iqtisadiyyatına ayrılan büdcə vəsaitinin xeyli hissəsi real sektora, infrastruktur layihələrinin həyata keçirilməsinə, tikintiyə sərf edilir.
Bundan başqa, diqqəti cəlb edən məsələlərdən biri də ondan ibarətdir ki, Hesablama Palatası beynəlxalq təcrübəyə əsaslanaraq ölkənin ali maliyyə nəzarəti orqanı kimi,  Vergi Məcəlləsinin, Əmək Məcəlləsinin, Gömrük Məcəlləsinin, “Satınalmalar haqqında” Qanunun təkmilləşdirilməsi ilə əlaqədar çox səmərəli təkliflər vermişdir. Bayaq hörmətli Vahid müəllim dedi, biz bu yaxınlarda rəhbərliyin tapşırığı ilə Banklar Assosiasiyasının, Vergilər Nazirliyinin əməkdaşları və sahibkarlarla görüşlər keçirəcəyik və orada da Hesablama Palatasının verdiyi təkliflər diqqətə alınacaqdır.
Mən hesab edirəm ki, Hesablama Palatasının hesabatının ən üstün cəhətlərindən biri 35-ci səhifədə verilmiş cədvəldə öz əksini tapmışdır. 35-ci səhifədə “hesabat ilində dövlət büdcəsinin xərcləri üzrə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə bərpa edilmiş vəsaitin nöqsanlar üzrə bölgüsü” göstərilmişdir. Bu, çox ciddi məsələdir. Elə məsələlər var ki, biz hər il təkrar edirik. Əmək haqqının hesablanmasında, bölüşdürülməsində, əsaslı xərclərin istifadə edilməsində nöqsanlar və sair. Hesablama Palatası bu nöqsanları maddələr üzrə bölüb. Bu, hökumət strukturlarına, büdcədən maliyyələşən təşkilatlara imkan verir ki, ildən-ilə bu nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər  görsünlər.
Hesablama Palatası dövlət başçısının uçot və statistikanın təkmilləşdirilməsi ilə bağlı verdiyi göstərişləri əsas tutur. Hesabatda bütövlükdə uçotun təkmilləşdirilməsi ilə əlaqədar olaraq konkret təkliflər irəli sürülür. Biz hesab edirik ki, Hesablama Palatası Azərbaycan dövlətinin ali maliyyə nəzarəti orqanı kimi kifayət qədər səmərəli fəaliyyət göstərir. Əvvəlki hesabatlardan fərqli olaraq hesabatın həcmi azalmış, strukturu təkmilləşdirilmişdir. İrəli sürülən təkliflər, şübhəsiz ki, Azərbaycanda iqtisadi qanunvericiliyin təkmilləşdirilməsinə öz müsbət təsirini göstərəcəkdir. Ona görə mən millət vəkillərindən xahiş edərdim ki, hesabata müsbət münasibət bildirsinlər. 
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hesablama Palatasının 2015-ci ildəki fəaliyyəti haqqında hesabat geniş, əhatəli və bir o qədər də konkret hazırlanıb. Belə ki, burada Hesablama Palatasının qanunvericiliyin təkmilləşdirilməsi, ekspert-analitik, audit tədbirləri və sair kimi geniş fəaliyyəti ilə yanaşı, neqativ halların aradan qaldırılması istiqamətində görülən işlərlə bağlı konkret faktlar, nəzarət tədbirləri öz əksini tapmışdır.
Hesabat ilində dövlət büdcəsinin gəlirləri və xərcləri ilə bağlı nöqsanlar aşkar edilmiş və onların aradan qaldırılması istiqamətində işlər görülmüşdür. Bu, çox müsbət haldır.  Ümumiyyətlə, malların satın alınması, vəsaitlərin təyinatının dəyişdirilməsi, həmçinin vəsaitlərdən səmərəli istifadə olunmaması büdcənin xərclər hissəsinin ən yaralı yeridir. Mən bununla bağlı hökumətin hesabatı zamanı da öz fikrimi bildirmişdim. Hesabat ilində həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində 10 milyon manatdan və 60  min avrodan çox vəsait müvafiq qaydada bərpa edilib. Sözün düzü, mən bu məbləği az hesab edirəm və düşünürəm ki, nəzarət tədbirlərinin artırılacağı təqdirdə daha böyük həcmdə vəsaitə qənaət edə bilərik.
Bununla yanaşı, istərdim ki, Hesablama Palatası ölkədə manatın devalvasiyasından sonra ticarət bazarlarında, banklarda yaranmış vəziyyətə də diqqət ayırardı, çünki bildiyiniz kimi, manatın qeyri-stabilliyi nəticəsində dollar qıtlığı yaranıb, əhalinin manata inamı azalıb. Bankların çoxu manatla kredit verilməsindən çəkinirlər və valyuta dəyişmə məntəqələri kütləvi  şəkildə bağlanıb. Bu, başa düşülən deyil, çünki həm turizm sektoruna mənfi təsir göstərir, həm də bildiyimə görə, minə yaxın bilikli insan işsiz qalıb. Bank sistemində digər neqativ hallar da  mövcuddur. Yaxşı olardı ki, Hesablama Palatası mühüm nəzarət orqanı kimi bu məsələlərə də münasibətini bildirəydi. Mən Vahid Əhmədovun bununla bağlı təklifi ilə tam razıyam və onu dəstəkləyirəm.
Fürsətdən istifadə edərək Hesablama Palatasının rəhbərliyinə təşəkkürümü də bildirmək istəyirəm, çünki palata əlavə dəyər vergisini indiki kimi vahid tarif üzrə yox, bu və digər subyektlərə münasibətdə fərqli tariflərlə ölçməyi təklif etdi. Digər tərəfdən, Vergilər Nazirliyi nağdsız ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Bu təkliflər çox təqdirəlayiqdir. Bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, ƏDV məsələsi tezliklə öz həllini tapsın, çünki bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik çəkirlər. Bunun bir sıra obyektiv səbəbləri var. Nəticədə obyektlər maliyyə çətinlikləri ucbatından bağlanır və iş yerləri azalır.
Sahibkarlıqdan danışmışkən fürsətdən istifadə edərək bir mühüm məsələni də qeyd etmək istərdim. Belə ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan bir sıra seçicilərimin, həm də tanıdığım iş adamlarının dediyinə görə,  yerli idarələr qaz, su, işıq kimi sahələrdə texniki şərtin verilməsində əksər hallarda süni maneələr yaradırlar. Söhbət təkcə yeni obyektə qaz, su və işıq xəttinin çəkilməsindən getmir. Süni maneə obyekt sahibinin, iş adamının müraciəti əsasında sərfiyyatın artırılması ilə bağlı texniki şərtin yenilənməsində də yaradılır. Təklif edərdim ki, hökumət təcili surətdə texniki şərtin verilməsinin asan və rahat formasını müəyyən etsin. Cənab  Prezident sonuncu müşavirədə də respublikamızda biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm tapşırıqlar vermişdi. Mənim indi səsləndirdiyim və kiməsə bəlkə də xırda görünə bilən problemlər, əslində, bu mühitə öz mənfi təsirini göstərir.
Ümumilikdə, yuxarıda da qeyd etdiyim kimi, hesabatı əhatəli və qənaətbəxş hesab edirəm. Hesablama Palatasına böyük uğurlar diləyirəm. Bütün həmkarlarımı da bu hesabatın lehinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar, hörmətli qonaqlar! Mən də öz növbəmdə hesabatı müsbət qiymətləndirirəm. Xüsusilə 1.3-cü maddəni daha çox qiymətləndirirəm. Hesabatda göstərildiyi  kimi,  Hesablama Palatasının işçilərinin 45 faizi 40 yaşa kimi insanlardır, gənclərdir. Hesabatda mənim diqqətimi çəkən cəhəti Hesablama Palatası haqqında yeni qanunun qəbulu məsələsidir. Çünki özləri burada çox yaxşı şərhlər verib, “Hesablama Palatası haqqında” Qanunda və Daxili Nizamnamədə  çoxlu nöqsanlar aşkara çıxarmışlar. Yəni Konstitusiyaya, “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa və digər aktlara zidd müddəalar, normalar, ümumi, mücərrəd ifadələr, bir-biri ilə ziddiyyət təşkil edən normalar və digər məsələlər yaxşı ki, hesabatın özündə təhlil edilib. Mənim çox xoşuma gəlir ki, hesabat verən orqan yeni  qanunun qəbul olunması ilə bağlı bu cür ətraflı şərhlər  vermişdir. Xüsusilə  beynəlxalq hüquqa zidd gələn  normaların olması məsələsini də özləri burada göstəriblər. Sadəcə, vaxt  almamaqdan ötrü mən onları təkrar etmək istəmirəm.
Hesabatda göstərilən ən mühüm məsələlərdən biri də ondan ibarətdir ki, dövlət proqramları, satınalmalar, dövlət borcu və ətraf mühitin mühafizəsi ilə bağlı bir sıra məsələlər Hesablama Palatasının nəzarətindən kənarda qalır. Nəticədə həmin məsələlər üçün rəylərini verə, audit keçirə bilmirlər və nəzarət mexanizmləri yoxdur. Bütün bunları müdafiə edirəm.
Hesabatda Azərbaycan Respublikası Prezidentinin fərmanı ilə “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasına uyğun qanunun qəbulu, ümumiyyətlə,  islahatların aparılması ilə bağlı geniş müddəalar var. Bundan istifadə edərək müəyyən sözlərimi demək istəyirəm. 2020-ci ilə kimi nə edəcəyimizi bilməkdən ötrü müstəqil dövlətimizin mərhələlərlə inkişafının qısa şərhini vermək istərdim.
Birinci mərhələ müstəqilliyimizin 1991–1995-ci illərini əhatə edir. Bu illərdə ermənilərin təcavüzü, torpaqlarımızın itirilməsi, sosialist təsərrüfat sisteminin dağılması, hakimiyyətin tez-tez dəyişməsi baş vermişdir.
İkinci mərhələ 1995–2003-cü illərdir. Bu mərhələ Konstitusiyanın qəbulu, “Əsrin müqaviləsi”, atəşkəsin imzalanması, sabitliyin təmin olunması, özəlləşdirmə, qiyamların qarşısının alınması ilə xarakterizə olunur.
Üçüncü mərhələ 2003–2013-cü illəri əhatə edir. Bu mərhələ ölkəyə güclü valyuta axını, memarlıq və quruculuq işləri, xarici siyasətdə hücum siyasətinin həyata keçirilməsi, iqtisadi maliyyə bazasının yaradılması, güclü ordunun qurulması ilə səciyyələnir.
Nəhayət, məruzədə göstərildiyi kimi, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası üçün 2014-cü ildən başlayan mərhələyə gəlirik. Burda da dünyada neftin qiymətinin düşməsi fonunda böhranın qarşısının alınması, yeni, sistemli islahatların başlanması, Qarabağ məsələsində beynəlxalq haqlılığın təmini, Azərbaycanın suverenliyinin bərpası və sair məsələlər vardır. Əgər bu yeni qanun qəbul olunarsa, hökmən bu islahatın bir hissəsi kimi, universal aparılmalıdır. Bayaq deyildiyi kimi, bütün islahatlar barədə xüsusi konsepsiya,  yol xəritəsi lazımdır. İkinci, iqtisadi və siyasi islahatlar paralel aparılmalıdır ki, yarımçıq qalmasın. Üçüncü, davamlı olmalı, əhvali-ruhiyyədən asılı olmamalıdır. Neftin qiymətinin düşməsi, yaxud da kimlərinsə  əhvali-ruhiyyəsi ilə bağlı deyil, Prezidentin strateji cəhətdən qarşıya qoyduğu planı yerinə yetirmək istiqamətində aparmaq lazımdır.
Bundan başqa, mütləq Milli Məclislə işləmək lazımdır. Milli Məclisin Aparatında gözəl hüquqşünaslar, iqtisadçılar var. Mən hələ deputatları demirəm. Ona görə gələcəkdə qanunları tez-tez dəyişməməliyik. Qanunvericilik milli ideologiyaya əsaslanmalıdır. Dövlətə münasibətdə milli, cəmiyyətə münasibətdə sosial, fərdə münasibətdə liberal dəyərlərin optimal nisbəti götürülməlidir. Dövlətin mənafeyi olanda qanunvericilik milli olmalıdır, cəmiyyətin sosial müdafiəsinə, fərdi liberal hüquq müdafiəsinə söykənməlidir ki, bunlar arasında mübahisə olan zaman həlli biososioloji və bu optimal nisbətlə həyata keçirilə bilsin.
Mən sonuncu fikrimi də çatdırmaq istəyirəm. Təəssüf edirəm ki, çıxış edə bilmədim və ona görə tez-tez danışıram. Bayaq burada deyilən məsələlərdən biri  məlum aprel hadisələri zamanı milli birliyin  təmin edilməsi ilə bağlı idi. Çox təəssüf edirəm, Bakıdan baxanda görəcəksiniz ki, ərəbə, farsa, avropalıya oxşayır, özümüzə oxşamır. Gəlin, özümüzə oxşayaq. O, bizim xasiyyətimizi dəyişir,  türkpərəst edər, ruspərəst edir, farspərəst edir..
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, əziz media nümayəndələri! Hesabatdan göründüyü kimi, Azərbaycan Respublikasının Hesablama Palatası ölkənin maliyyə məsələləri müstəvisində kifayət qədər əhatəli işlər həyata   keçirib. Buna görə qurumun 2015-ci il üçün fəaliyyətini uğurlu qiymətləndirmək olar.
Ümumən bizim bu prosesin daha da dərinləşməsində gözləntilərimiz nədir? Şəffaflıq və yenə də şəffaflıq. Bu həm üzərimizə düşən vəzifəni yerinə yetirmək məsuliyyətidir, həm də mənəvi məsuliyyətdir. Ölkəmizi daha demokratik görmək istəyiriksə, daha şəffaf olmalıyıq. Bunun təmin edilməsinə bilavasitə mükəlləf olan qurumlarımız var. Deyərdim ki, Hesablama Palatası onlardan ən mühümüdür. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışlarında maliyyə intizamının gücləndirilməsinin vacibliyini dəfələrlə vurğulayıb. Cənab Prezident bir neçə gün öncə Amerika Ticarət Palatasının nümayəndələri ilə görüşündə də bu məqama toxundu. O bildirdi ki, bank və maliyyə sektorunun daha güclü nəzarətə ehtiyacı var. Dövlət başçısının vurğuladığı kimi, nəzarətin güclü olmaması bizə çox ciddi problemlər yaradır.
Hər birimiz Beynəlxalq Bankla əlaqədar proseslərdən xəbərdarıq. Hesab edirəm ki, yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası da mövcud istiqamətdə əsaslı tədbirlər gerçəkləşdirəcəkdir.
Qeyd etdiyim kimi, bu gün təqdim olunan hesabatı müsbət qiymətləndirirəm. Mütəxəssis həmkarlarım hesabatla əlaqədar daha konkret məqamlardan danışdılar. Mən isə yalnız bir neçə məqama diqqət yetirmək istəyirəm. Əvvəla, düşünürəm ki, hesabatın dili kifayət qədər qəlizdir. Elə cümlələr var ki, təxminən 70–80 sözdən ibarətdir. Əlbəttə, burada tam sadəlik də mümkün deyil, çünki sahənin öz spesifikası var. Hər halda sənədin dili mümkün qədər sadə olmalıdır ki, hamı tərəfindən başa düşülsün. İstərdim ki, bu məsələ gələcəkdə nəzərə alınsın.
İkinci məqam. Məlumdur ki, Hesablama Palatası dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Azərbaycan Respublikasının Mərkəzi Bankından, müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar almalı, həll etməli və Milli Məclisə təkliflər verməlidir. Hesabatdan belə məlum olur ki, bu funksiya icra olunmayıb. Hesablama Palatası bu vəzifəni yerinə yetirmək üçün Mərkəzi Banka sorğu ünvanlayıb. Hesabatda sorğuya cavab verildiyi qaranlıq qalıb. Cavab verilibsə də, qeyri-qənaətbəxş olub. Belə görünür ki, ümumi dövriyyədə olan dövlət büdcəsinə və büdcədənkənar dövlət fondlarına aid vəsaitlərin banklardakı hərəkətini müəyyənləşdirmək mümkün olmayıb. Deməli, Mərkəzi Bank bunu müəyyənləşdirə bilməyib. Əvvəla, nə üçün Mərkəzi Bank bunu etməyib? Edibsə, niyə Hesablama Palatasına bununla bağlı məlumat verilməyib? Qeyd etdiyim məsələ 2014-cü ildə də baş verib. Sual olunur, bu hal nə üçün təkrarlanmaqdadır? Əgər belə olmasa idi, Beynəlxalq Bankdakı məlum neqativ hallar həyata keçirilərdimi? İstərdim ki, bu məqamlara aydınlıq gətirilsin.
Hesabatda Hesablama Palatasının fəaliyyətini tənzimləyən yeni qanunvericiliyin hazırlanması zərurətindən də bəhs edilir. Düşünürəm ki, bu, çox vacibdir və kifayət qədər də əsaslandırılıb. Əvvəldə qeyd etdiyim kimi, biz cəmiyyətimizi daha şəffaf etməyə çalışırıq və bunu təmin edən təsisatların fəaliyyəti mümkün qədər qüsursuz olmalıdır. Bu baxımdan, elə bilirəm ki, Hesablama Palatasının fəaliyyətini daha da təkmilləşdirməsi günümüzün tələbidir.
Fürsətdən istifadə edib bayaq burada qaldırılan məsələlərlə bağlı mən də öz fikrimi bildirmək istəyirəm. Bu fikirlər əsasən də media ilə bağlıdır. 4 günlük hərbi əməliyyatlar zamanı Azərbaycan mediası özünü kifayət qədər müsbət apardı. Baş verən olaylar bir mərkəzdən, Müdafiə Nazirliyindən idarə olundu və bütün məsələlərə milli maraqlardan yanaşıldı. Çox təəssüf ki, bəzi media nümayəndələri baş verən olaylara kiçik prizmadan baxdılar. Əlbəttə, bu, çox təəssüf doğurur.
Ziyafət müəllim, bir məqama toxunmaq istəyirəm. Burada Milli Məclislə bağlı gedən yazılardan söhbət açıldı. Doğrudan da, həmin yazılar kifayət qədər qərəzlidir, kifayət qədər qeyri-obyektivdir. Mən Mətbuat Şurasının sədri kimi bunu qınayıram. Çalışmalıyıq ki, nəinki Milli Məclis barədə, ümumiyyətlə, heç bir qurum barədə neqativ yazılar getməsin. Sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, Ziyafət müəllim. Hesab edirəm ki, Hesablama Palatasının hesabatı 2015-ci ilin planını tamamilə əhatə edir. Hesablama Palatasının fəaliyyətində müsbət dinamizm hiss olunur. Eyni zamanda, son illərdə onun fəaliyyətində antikorrupsiya tədbirləri geniş yer almağa başlayıb. Elə bu 3 məqam kifayətdir ki, Hesablama Palatasının fəaliyyətini qənaətbəxş hesab edək. Ona görə də hörmətli həmkarlarımı bu hesabata səs verməyə çağırıram.
Hesablama Palatasının hesabatı ilə bağlı bəzi məqamlara da münasibət bildirmək istəyirik. Birincisi, Hesablama Palatasının fəaliyyətində çıxışda da qeyd olunduğu kimi, büdcə gəlirlərinin və büdcə vəsaitindən istifadənin səmərəliyinin artırılması mühüm yer tutur. Bu istiqamətdə atılan addımları, eyni zamanda, iri vergi ödəyicilərinin və mülkiyyət formasından asılı olmayaraq vergi borclarının büdcəyə cəlb edilməsi istiqamətində səylərin artırılmasını vacib hesab edirik. Eyni zamanda, debitor və kreditor borclar sahəsində Hesablama Palatasının gördüyü işləri müsbət qiymətləndirməklə yanaşı, burada böyük ehtiyatların  olduğunu nəzərə alaraq bu işin genişlənməsini də vacib hesab edirik.
Hesablama Palatasının əlavə dəyər vergisinin diferensiallaşdırılması istiqamətində təkliflərini müsbət qiymətləndirir və hesab edirik ki, 18 faiz kifayət qədər yüksəkdir. Bu, iqtisadi fəalliği xeyli dərəcədə pozur. 6–14 faiz civarında əlavə dəyər vergisi manevr imkanlarını artırar, iqtisadi fəaliyyəti də xeyli dərəcədə müsbətə doğru istiqamətləndirə bilər. Eyni zamanda, kölgə iqtisadiyyatının mümkün olan istiqamətlərdə vergiyə cəlb edilməsi nəticəsində büdcəyə milyard manatlarla əlavə vəsait cəlb etmək olar. Bu istiqamətdə də Hesablama Palatasının əlavə tədqiqatlar aparması məqsədəuyğun olar.
Hesablama Palatası hər il Nazirlər Kabinetinə kifayət qədər sanballı təkliflər verir. Həmin təkliflərlə əlaqədar deyim ki, Hesablama Palatası yeni yaradılmış Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əlaqələri genişləndirməklə bir sıra aktual məsələlərə münasibətdə faydalı iş görə bilər. Hesab edirəm ki, indi banklar ətrafında, bilavasitə problemli kreditlərlə bağlı çətin vəziyyət yaranıb. Eyni zamanda, Azərbaycanın gələcəyi üçün çox ciddi bir problem var. Əhalinin xeyli hissəsinin daşınan və daşınmaz əmlakı bankların ətrafında yığılıb. Bu, Azərbaycanın gələcəyi üçün ciddi sosial problemdir. Hesablama Palatasının kifayət qədər professional işçiləri problemin yumşaldılması və onun həllinin sürətləndirilməsi istiqamətində yaxşı təkliflər verə bilərlər.
Azərbaycanın borcları devalvasiyaya qədər 10 faizin ətrafında idi. Devalvasiyadan sonrakı dəyişikliklər onu 20 faizə çıxarıb. Bu, iqtisadi təhlükəsizlik göstəricisindən hələlik 2,5 dəfə az olsa da, Azərbaycan üçün yaxşı göstərici deyil, çünki Azərbaycanın xarici borcları həmişə 10 faizin altında olub. Ona görə də dövlət zəmanəti ilə alınan borclar məsələsində Hesablama Palatasının tədqiqatları bu prosesdə sui-istifadə hallarının aradan qaldırılması və gələcəkdə həmin borcların qaytarılmasında gözlənilən problemlərin indidən qarşısının alınmasında yaxşı nəticə verə bilər.
Hesablama Palatası valideynlərini itirmiş uşaqların dövlət vəsaiti hesabına təhsil alması məsələsini qaldırdı. Bu, çox vacibdir. Amma bir məsələ də var ki, 17 minə qədər insan təhsil haqqını ödəyə bilmədiyinə görə təhsildən kənarda qalıb. Bu o deməkdir ki, yoxsul ailələri təhsil haqqı mexanizmi vasitəsi ilə ali təhsildən kənarda qoyurlar. Bu nə insanlığa yaraşır, nə də Azərbaycan Respublikasının Konstitusiyasına uyğundur. Bütün parametrlərə görə bunu pisləyirik və hesab edirik ki, Təhsil kreditləri haqqında hazırladığımız qanun nə qədər tez qəbul olunsa, bu problemi də əsaslı sürətdə aradan qaldıra, həmin ailələri pis vəziyyətdən çıxara bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. İlham Məmmədov.
İ.Məmmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün Milli Məclisin ali maliyyə orqanı olan Hesablama Palatasının sədri hörmətli Vüqar Gülməmmədovun təqdimatını dinlədik və bizə əvvəlcədən təqdim olunmuş kitabla da tanış olmuşduq. Əlbəttə, bu bizə kifayət edir ki, Hesablama Palatasının 2015-ci ildəki fəaliyyətinə qiymət verək.
Hesablama Palatasının fəaliyyətinə Milli Məclisdə qiymət verməyimiz millət vəkili olaraq bizim üçün də, Milli Məclis üçün də çox önəmlidir, çünki dövlətimizin büdcəsi, xalqımızın rifahı naminə ayrılan vəsait məhz xalqın seçdiyi millət vəkillərinin iştirakı ilə Milli Məclisdə bölüşdürülür və ölkəmizin inkişafına xidmət edir.
Əlbəttə, bizim üçün çox önəmlidir ki, bu vəsait necə xərclənir, şəffaflıq necə təmin olunur. Hesabatla tanış olanda görürük ki, Hesablama Palatasının apardığı iş ilbəil təkmilləşir və ali maliyyə nəzarəti bizi qane edir. Artıq ilbəil bu nöqsanların göstərilməsi və onların aradan qaldırılması istiqamətində iş gedir. Dövlət büdcəsindən qənaətsiz istifadə etmək və ya qeyri-müəyyən xərclərə yol vermək kimi stereotiplər artıq aradan qaldırılmışdır. Dövlətin maliyyə nəzarətini həyata keçirən Hesablama Palatasının apardığı audit məhz ali audit sayılır.
Hörmətli millət vəkilləri, mən də razıyam ki, builki hesabatda büdcənin formalaşmasında və büdcə vəsaitinin xərclənməsində görülən işlər özünün tam əksini tapır və analitik təhlillər nəticəsində gələcəkdə ola biləcək nöqsanların qarşısının alınması istiqamətində tövsiyələr verilir. Hesablama Palatasının apardığı yoxlamalarda bir ruh da görünür. Hesablama Palatası bu nöqsanları aradan qaldırmaq üçün onların sənədləşmə işinin həyata keçirilməsi istiqamətində öz tövsiyələrini də verir. Hansı maddənin qanunvericiliyə uyğun olub-olmamasını da orada dəqiq və aydın göstərir. Mən bunları sadalayıb vaxtınızı almaq istəməzdim.
Burada millət vəkili Qənirə xanımın səhiyyə sahəsindəki vakant ştat vahidləri ilə bağlı dedikləri çox diqqəti çəkən bir məqamdır. Bu mənim də diqqətimi cəlb etmişdi. Bunu araşdırdım. Məsələn, cəbhə bölgəsi olan Tərtər rayonu ilə maraqlandım ki, nəyə görə bu ştatlar saxlanılır və yeni iş yerləri üçün tələblər verilmir? Aydın oldu ki, əslində, o tələblər verilir. Hesablama Palatasının hesabatında biz bunu da qeyd etməliyik. Ştat vahidləri verilir, ancaq təəssüf ki, ora təyinatlar olmur. Bu gün həmin rayonlarda cərrahlara, reanimasiya, vərəm ixtisası üzrə həkimlərə çox böyük ehtiyac var. Hesab edirəm ki, Hesablama Palatası gələcəkdə aidiyyəti qurumlara bu ştat vahidlərinin bölünməsi ilə bağlı tövsiyəsini versə, doğru olardı.
Ümumilikdə qeyd etmək istəyirəm ki,  Hesablama Palatasının fəaliyyətini yüksək qiymətləndiririk. Hesablama Palatası artıq o stereotiplərini dağıdıb, öz fəaliyyətini şəffaf şəkildə qurub. Ona görə də Hesablama Palatasına gələcək fəaliyyətində uğurlar arzu edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hesablama Palatasının sədri cənab Vüqar Gülməmmədov 2015-ci ildə görülən işlərlə əlaqədar geniş məlumat verdi. 82 nəzarət tədbiri həyata keçirilib, onun biri analitik təhlil, qalanları isə adi tədbirlərdir. Ümumiyyətlə,  Hesablama Palatasının gördüyü işlər nəticəsində 2015-ci ildə 175 qurumda 4,1 milyard manat vəsaiti əhatə edən yoxlama aparılıb. Bunun da 50 faizi, əsasən, tikinti ilə əlaqədar olub. 2015-ci ildə nəzarətin 90 faizi mərkəzləşdirilmiş, 10 faizi isə yerli xərclərlə əlaqədar olub. 10 faiz həddən artıq aşağıdır. Millət vəkilləri dövlət büdcəsi və hökumətin hesabatı müzakirə olunanda yerli xərclərin xərclənməsində çox ciddi nöqsanların olduğunu qeyd etmişdilər. Ona görə mən tövsiyə edərdim ki, Hesablama Palatası 2016-cı ildə bu problemin aradan qaldırılması üçün mühüm əməli tədbirlər həyata keçirsin.
Ümumilikdə həyata keçirilmiş nəzarət tədbirləri nəticəsində dövlət büdcəsinə cəmi 10 milyon manat vəsait köçürülüb. Bu, çox azdır. Yoxlamaları bir qədər dərinləşdirmək, daha ciddi addımlar atmaq lazımdır ki, dövlət büdcəsindən kənarlaşdırılan vəsait təkrar dövlət büdcəsinə daxil olsun.
Hesablama Palatası Azərbaycanda yeganə nəzarət orqanıdır ki, ali audit qurumu kimi fəaliyyət göstərir. Aparılan 82 yoxlamadan birini göstərmək mümkün deyil ki, orada Hesablama Palatası nöqsanlar aşkar etməsin. Hesablama Palatası dövlət büdcəsinin gəlir və xərclər üzrə yoxlamalarda, ümumiyyətlə, əmək haqqının hesablanmasında, satınalmalar, təhsildə, akademiya sistemində çox ciddi problemlər aşkar edib.
2016-ci ilin dövlət büdcəsinə rəy verərkən Hesablama Palatası dövlət zəmanəti ilə verilən kreditlərin ödənilmələrində çox ciddi problemlər aşkar edib. O cümlədən daxili dövlət borcunun artması ilə əlaqədar problemi ön plana çıxarıb və sair. Yəni Hesablama Palatasının apardığı yoxlamalar nəticəsində Azərbaycan iqtisadiyyatında çox ciddi problemlərin olduğu müəyyən edilib.
Bütün bunlara baxmayaraq, Hesablama Palatası bizə, Nazirlər Kabinetinə müraciət edib ki, müəyyən problemlər aradan qaldırılmalıdır. Mən bunların bir neçəsinə toxunmaq istəyirəm. Ən çox diqqət çəkən məqamlardan biri qeyri-neft sektorunun inkişafı üçün əlavə dəyər vergisinin müəyyən edilmiş 18 faizinin diferensiallaşdırılmasıdır. Qeyri-neft sektorunun inkişafı üçün bu çox əhəmiyyət kəsb edir. Yəni sektorun inkişafı üçün 18 faizi sektorlara uyğun olaraq müəyyən qədər azaltmaq lazımdır.
İkinci məsələ dəniz səviyyəsindən 1200 metr hündürlükdə çalışan işçilərin əmək haqlarının əmsalı ilə bağlıdır. Bu məsələ, ümumiyyətlə, hündürlükdə yaşayan insanlar tərəfindən qaldırılıb. Bununla əlaqədar mən müvafiq nazirliklə də müəyyən danışıqlar aparmışam, məsələ öz həllini tapmalıdır. Dövlət əmlakının idarə olunması ilə əlaqədar yaranan problemlər, burada nəzarətin çox zəif olması ilə bağlı məsələlər hesabatda öz əksini tapmışdır. Bunun da təkmilləşdirilməsinə çox böyük ehtiyac var.
Mən belə hesab edirəm ki, indiki vəziyyəti, Azərbaycan iqtisadiyyatının inkişafı üçün dövlət başçısı cənab İlham Əliyevin qəbul etdiyi qərarları, sərəncamları nəzərə alaraq yeganə nəzarət orqanı olan Hesablama Palatasının səlahiyyətlərini çox ciddi şəkildə genişləndirməliyik. Mənim aldığım məlumata görə Hesablama Palatası qanun layihəsi hazırlayıb. Bu qanun layihəsi Milli Məclisin İqtisadi qanunvericilik şöbəsində təhlil olunur, ona baxılır. Ona görə mən rəhbərlikdən xahiş edərdim ki, bu qanun layihəsinin qəbul edilməsini tezləşdirsinlər və biz Hesablama Palatası ilə əlaqədar yeni bir qanun qəbul edək. Ümumi götürəndə belə hesab edirəm ki, Hesablama Palatası tərəfindən 2015-ci ildə çox ciddi addımlar atılıb. Orada çox ciddi kadrlar fəaliyyət göstərir. Bu işdə onlara uğurlar arzu edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Amma Zahid müəllim təkid eləyir. Zahid Oruc, buyurun.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Narahat olmayın, fasiləsiz işləyəcəyik, ona görə də inşaallah problem olmayacaq.
Hörmətli məclis üzvləri, biz bu gün Hesablama Palatasının birillik fəaliyyətinin yekunlarını günün birinci yarısında qeyd etdiyimiz kimi, müharibə şəraitində dəyərləndiririk, qiymətləndiririk. Bu bizə onu deyir ki, bu dönəmdə hər bir büdcə vəsaiti xüsusi önəm daşıyır, o da savaşın bir alətidir. Təsadüfi deyil ki, Napoleon Bonapart müharibənin məhz 3 mühüm komponent üzərində aparıldığını deyirdi və o da hər kəsə bəllidir.
Hesablama Palatası kifayət qədər professional, təcrübəli insanlardan ibarətdir. Hörmətli Vüqar müəllim də bu dövr ərzində özünü çalışqan, parlamentə açıq, eyni zamanda, dövlət büdcəsi vəsaitlərinin dürüst xərclənməsini istəyən və bunu tələb edən bir şəxs kimi özünü göstəribdir.
Ümumi müşahidələr əvvəlki dövrdəki problemləri qabarıq şəkildə ortalığa çıxarır. Bunların bəziləri, sadəcə, insan amilindən asıl deyil, eyni zamanda, ümumi durumla bağlıdır. Nə qədər ki, biz satınalmaları, xidmət və sairənin tenderini şəffaf həyata keçirə bilməyəcəyik, kiminsə əliəyriliyinin şahidi olacağıq, hər dəfə də Hesablama Palatası yoxlamalar zamanı bu problemləri üzə çıxaracaq. Necə ki, bizə verilən sənəddə bunlar öz əksini tapıbdır.
Hörmətli Vüqar müəllimin diqqətini cəlb etmək istədiyim bir məsələ var. Son dövrdə, məsələn, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi rayon icra hakimiyyətlərindəki vahid maliyyə şöbəsindən öz maliyyələşmə prosesini ayıraraq zonalar üzrə maliyyələşdirməni tətbiq etməyə çalışırlar. Bunun səbəbi başa düşüləndir. Amma biz bu cür mərtəbəli idarəçiliyə keçənə qədər formalar tapmalıyıq ki, necə edək, icra orqanları bu prosesə müdaxilə edə bilməsinlər? Necə edək ki, rayon üçün müəyyənləşdirilmiş vəsaitlər təyinatı üzrə xərclənsin?
Mən bunu bir neçə dəfə parlamentdə səsləndirmişəm. Bağçalar üçün sovet dövründən qalmış bir yer və 10–12 nəfər işçi var. O bağçadan uşaqlardan daha çox böyüklər bəhrələnir. İşçilərmi? Xeyir. O işçilər insafla çalışardılar ki, uşaqlarımıza ilk həyatı öyrətsinlər və sair. Amma bu kimlərinsə əlində bir vasitədir. O cümlədən tibb məntəqələrini vəsaitləri haqqında da bunu demək olar. Ona görə də düşünürəm ki, maliyyələşmənin idarəçiliyini tamamilə dəyişdirmək lazımdır.
Baxın, mənə elə gəlir, çox az ölkələrdən biriyik ki, səhiyyə sistemində maliyyələşməni hələ də çarpayı günü, çarpayı sayı və sairlə həyata keçiririk. Nə qədər bunun xəstəsi olub, çarpayıda kim yatıb və sair. Bu da hamının gözəyarı, öz bildiyi qaydada təyin edəcəyi vəsaitlər olacaqdır. Ona görə də düşünürəm ki, bağçasını da, xəstəxanasını da özəlləşdirməyə açmayan ölkədə Hesablama Palatası hər bir rayonu nəzarətinə götürə bilməz, mütləq orada əyintilər olacaqdır. Ona görə də bu prosesi bu qurum vasitəsi ilə, elə təşəbbüslərlə dövlət rəhbərliyinin yüksək dəyərləndirəcəyinə əminik ki, bu proses getdiyi təqdirdə oranın icra orqanları neqativ mənbədən məhrum olacaqlar.
Mən düşünürəm ki, biz başqa sahələrdə də bu problemləri görməkdəyik. Mən tenderlə əlaqəli məsələni xüsusi vurğulamaq istəyirəm. Bu tikinti sahəsində də özünü göstərməkdədir. Cənab Prezident son aylar  xüsusi olaraq idarəetmə sistemində islahatları dərinləşdirir. Daha çox ona görə ki, bütün bunların nəticəsində paralellik aradan qalxsın, funksionallıq artsın və sair. Amma tenderlər, – xüsusilə də tikinti sahəsində, – hər bir nazirliyin sərəncamında qalmaqda davam edir. Bir daha deyirik ki, Səhiyyə Nazirliyini xəstəxana tikilməsi deyil, hansı xəstəliklərdən insanlarımız daha çox əziyyət çəkir, hansı yeni dünyəvi tibbi nailiyyətlər var və onun tətbiqi necə olmalıdır düşündürməlidir? Budur məsələ. Onlar xəstəxananın formasını, çarpayısını, onun diaqnostik qurğularını deyil, bunu idarə etməlidirlər. Bütövlükdə mən bu hesabatı qəbul edirəm və əminəm ki, gələcəkdə qeyd etdiyimiz məsələlər nəzərə alınacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Kifayət qədər müzakirə aparıldı, fikirlər bildirildi. Əgər etiraz etmirsinizsə, Vüqar  müəllimə söz verək, deyilən fikirlərə münasibət bildirsin, sonra bu sənədi səsverməyə çıxaraq. Buyurun, Vüqar müəllim.
V.Gülməmmədov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən kollektivimizin adından bizim fəaliyyətimizlə bağlı səsləndirdikləri müsbət fikirlərə görə hörmətli millət vəkillərinə minnətdarlıq edirəm. Çalışacağıq ki, 2016-cı ildə də bayaq məruzəmizdə qeyd edildiyi kimi, ən yüksək səviyyədə audit, nəzarət tədbirləri aparaq və növbəti ildə fəaliyyətimizlə bağlı daha sanballı, daha məlumatlı informasiyaları hörmətli millət vəkillərinə təqdim edək. Mən bir daha hamınıza minnətdarlığımı bildirirəm, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Vüqar müəllim, təşəkkür edirəm. Hörmətli deputatlar, biz hesabatın nəzərə alınması ilə əlaqədar səsvermə keçirməliyik. Ona görə xahiş edirəm, hesabata münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Vüqar müəllim, təbrik edirik və sizə işlərinizdə yeni-yeni uğurlar arzulayırıq.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında iqtisadi həyatın müxtəlif istiqamətlərində əməkdaşlıq ildən-ilə genişlənir. Növbəti saziş bu əməkdaşlığın daha da dərinləşməsinə xidmət edəcəkdir.
Sazişdə hər iki tərəfin ümumi marağında olan xarici ticarət azadlığının təmin edilməsi və bu sahədə mümkün olan əməkdaşlığın ən yüksək səviyyədə genişləndirilməsi nəzərdə tutulur. Saziş naviqasiya təhlükəsizliyi, beynəlxalq dəniz daşımalarının sadələşdirilməsi, dənizçilərin yaşayış və iş şəraitləri, təhlükəli yüklərin daşınması və digər məsələlərlə yanaşı, dəniz mühitinin qorunması ilə bağlı maddələri özündə ehtiva edir. Millət vəkillərindən xahiş edirəm ki, qanun layihəsinin əhəmiyyətini nəzərə alaraq ona müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Qanun layihəsi ilə əlaqədar Elman müəllim çıxış etmək istəyir. Buyurun, Elman Nəsirov.
E.Nəsirov. Hörmətli həmkarlar, mən bu qanun layihəsinin lehinə səs verəcəyəm,  amma bir  neçə  qısa qeydimi  nəzərinizə çatdırmaq istəyirəm.
Məlum olduğu kimi, cənab Prezidentin müəyyən etdiyi xarici siyasət kursunun əsas mühüm istiqaməti ikitərəfli münasibətlər formatıdır və bu nöqteyi-nəzərdən müsəlman ölkələri ilə əlaqələr xüsusi yer tutur. Bu bizim xarici siyasətin mühüm istiqamətlərindən biridir. Məsələyə bu konteksdən yanaşdıqda Birləşmiş Ərəb Əmirliyi ilə əlaqələr də istisna təşkil etmir.
Amma mənim çıxışımın əsas məqsədi nədən ibarətdir? Bu günlərdə ki, İslam Əməkdaşlığı Təşkilatının 13-cü Zirvə görüşü keçirilir. Zirvə görüşündə bu təşkilat növbəti dəfə Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini bildirdi, Azərbaycanın haqq işini müdafiə etdi. Bunlar çox gözəldir. Amma bizi narahat edən cəhət ondan ibarətdir ki, bir sıra hallarda İslam Əməkdaşlığı Təşkilatına üzv olan müsəlman dövlətləri Ermənistana münasibətdə analoji yanaşmanı həyata keçirmir. Yəni təşkilat səviyyəsində işğalçı deyilir, amma konkret addımlar yoxdur. Məsələn, biz BMT Təhlükəsizlik Şurasının məlum 4 qətnaməsinin icra olunmamasından həmişə narazıyıq və bunu ifadə edirik. İslam Əməkdaşlığı Təşkilatı da işğalçını elan edib, amma təəssüf ki, real nəticələr yoxdur. Bax, bu məsələni demək istəyirdim.
Bir də, fürsətdən istifadə edib demək istəyirəm ki, bu il müstəqilliyimizin 25-ci ili tamam olur. Nəzərə alaq ki, 2007-ci ildən bizim Milli Təhlükəsizlik Konsepsiyamız, 2010-cu ildən Hərbi Doktrinamız var, amma hələ də xarici siyasət konsepsiyamız sənəd halında təsdiqlənməyib. Hesab edirəm ki, bu məsələyə də ciddi yanaşmaq lazımdır, çünki bu konsepsiya çərçivəsində konkret addımlar atılması daha böyük nəticələrə gətirib çıxara bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əgər başqa çıxış etmək istəyən yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ "Sosial sığorta haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanunun 14-cü maddəsinə aşağıdakı məzmunda “qeyd” hissəsi əlavə edilir: “Bu maddənin üçüncü hissəsənin ikinci bəndinin məqsədləri üçün əmək qabiliyyətli şəxslər dedikdə I və II qrup əlillər, həmçinin sağlamlıq imkanları məhdud uşaqlar istisna olmaqla, 15 yaşından “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsi ilə müəyyən edilmiş yaş həddinədək olan şəxslər başa düşülür”. Millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti qanun layihəsi “Əhalinin sağlamlığının qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanova söz verilir. Əhliman müəllim, buyurun
Ə.Əmiraslanov, Milli Məclisin Səhiyyə komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! “Əhalinin sağlamlığının qorunması haqqında” Qanuna təklif olunan  dəyişikliklər cinayət və ya inzibati həbs nəzərdə tutan inzibati xəta törətməmiş, lakin öz davranışı və hərəkətləri nəticəsində dəfələrlə yaxın qohumlarına maddi və mənəvi zərər yetirmiş, uşaqların tərbiyəsinə mənfi təsir göstərmiş, onların hüquqlarını kobudcasına pozmuş, təklif olunmuş könüllü müalicədən dəfələrlə imtina etmiş narkomanlıq xəstəliyinə düçar olan şəxslərə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi tədbirlərin tətbiq edilməsini nəzərdə tutur. Bu dəyişiklik “Əhalinin sağlamlığının qorunması haqqında” Qanunun “Razılıq tələb olunmadan vətəndaşa tibbi yardımın göstərilməsi” adlı 28-ci maddəsinə edilir. Xahiş edirəm, belə bir dəyişikliyin qəbul edilməsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qanun layihəsi ilə bağlı çıxış etmək istəyənlər var. Çingiz Qənizadə, buyurun.
Ç.Qənizadə. Təşəkkür edirəm. Bu qanun layihəsinə edilən dəyişikliklər olduqca vacibdir. Qeyd edim ki, hüquq və vətəndaş münasibətləri çərçivəsində sanki bir boşluq var idi. Çünki, doğrudan da, narkomaniya xəstəliyinə düçar olmuş şəxs artıq xəstədir. Təbii ki, o, yataq xəstəsi deyil, fiziki gücə və imkana malikdir. Lakin qəbul etdiyi qadağan olunan maddələrin təsiri altında o, insanlara həm fiziki, həm mənəvi, həm də psixoloji təzyiq göstərmək imkanındadır.
Bu qanunun qəbuluna qədər o, inzibati və yaxud da cinayət və sair nəzərdə tutulan əməl törətdikdə onların məcburi müalicəsi məsələsi sonrakı istintaq və sair yolla, yaxud da inzibati qaydada həllini tapırdı. Amma indi dəyişikliklər edildikdən sonra belə hesab edirəm ki, bu, təkcə insanların sağlamlığının deyil, həm də onların hüquqlarının qorunmasına, problemlərinin həllinə yönələn bir hərəkət olacaq. Vətəndaşların qanunla qorunan hüquqlarına həm onların sağlamlıqlarını, həm də, sadəcə, fiziki cəhətdən müdafiə olunmalarını qeyd etmək olar.
Bu baxımdan hesab edirəm ki, olduqca vacib düzəlişdir və indiyə qədər qanunlarda mövcud olan boşluğun doldurulmasına xidmət edir. Əminəm ki, bu xəstəliyə düçar olmuş insanlarla yaşamağa məcbur olan yüzlərcə, bəlkə də daha çox insan müəyyən qədər qorunmuş olacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Dilarə Cəbrayılova.
D.Cəbrayılova. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Bir çox həkimlər də təsdiq edərlər ki, bir çox hallarda bəzi yoluxucu xəstəliyə düçar olmuş şəxslər bilərəkdən müalicə olunmaqdan imtina edirlər. Bu da sonradan bir neçə sağlam şəxsin yoluxmasına gətirib çıxarır.
Dəfələrlə şahidi olmuşuq ki, narkomanlıq xəstəliyinə düçar olmuş bəzi şəxslər nəinki yaxın qohumlarına, hətta kənar şəxslərə də maddi və mənəvi zərər vururlar. Bu cür şəxslərin Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə uyğun olaraq məcburi tibbi müalicəyə cəlb olunması mütləq vacibdir.
Dünyada ən aktual problemlərdən biri də onkoloji xəstəliklərdir. Ölkəmizin birinci xanımının Türkiyədəki çıxışından bir daha məlum oldu ki, Azərbaycanda onkoloji xəstəliklərə çox incə yanaşılır. Əhalinin sağlamlığı naminə bir çox qanun və layihələr hazırlanıb icra edilir. Onkoloji xəstəliklərə gəldikdə isə insanlar həyatları üçün təhlükə olmasına baxmayaraq, çox vaxt müalicəni yarımçıq qoyur və ya müalicədən imtina edirlər. Bu isə belə şəxslərin ailələrinə bir çox problemlər yaradır. Yazılı razılıq olmadan da onların müalicəsinin aparılması alqışlanası bir işdir. Bu, vaxtında edilmiş labüd dəyişiklikdir. Çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsini dəstəkləyirəm. Vacib məsələdir. O insanlar nəinki özlərinin, həmçinin ətraf mühitin də korlanmasına dırnaqarası xidmətlərini göstərirlər. Belə insanların məcburi olaraq müalicəyə cəlb edilməsi vacib şərtlərdən biridir. Amma mən hesab edirəm ki, biz bunun gələcək mexanizmlərini də işləyib hazırlamalıyıq. Yəni harada, hansı xəstəxanada həyata keçirilir, pulsuzdurmu, pulludurmu? Əgər müəyyən dərmanları almasına imkanı yoxdursa, onun müalicəsi hansı formada həyata keçiriləcəkdir? Bu cür xəstələrin qarşısını almaq üçün o dəyişiklik çox vacibdir.
İkinci, biz çalışmalıyıq ki, o mexanizm vasitəsilə həm insanların hüquqlarının, həm də mülki münasibətlərin pozulmasının qarşısını alaq. Tutalım ki, biri ailə-məişət münaqişəsində mülkiyyətə sahib çıxmaq istəyir və yazır ki, filankəs narkomandır, belə-belə hərəkətlərlə məşğuldur. Bunun gələcək taleyi necə olacaq? Təbii ki, bu, məhkəmə yolu ilə müəyyənləşəcək. Amma uzun sürən bir prosesdir. Yəni gələcəkdə dəyişiklik edəndə bunları ciddi şəkildə nəzarətdə saxlamalıyıq ki, bu münasibətlər pozulmasın.
Bir qonşu digəri ilə yola getmir. Yazıb göndərir ki, o dəlidi, başı xarab olub, qonşulara rahatçılıq vermir. İki qonşuya da qol çəkdirir, qurtardı getdi. İndi yarım il bu adam gedib məhkəmə qarşısında durmalı, sübut etməlidir ki, mən ağıllıyam, dəli deyiləm. Belə halların qarşısını almaqdan ötrü hesab edirəm, gələcəkdə müəyyən normaları nəzərə almalıyıq ki, həm vətəndaşlarımızın hüquqları, həm də mülkiyyət münasibətləri pozulmasın. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Mən istərdim ki, bu səslənən çıxışlarla əlaqədar bir neçə kəlmə deyim. Birincisi, onkoloji xəstəliklərin məcburi olaraq, yəni onların razılığı olmadan müalicə olunması mümkün deyil. Qanun da bu gün buna icazə vermir. O onkoloji xəstələri biz onların yaxınlarının, valideynlərinin razılığı ilə müalicə eləyə bilərik ki, onlar yetkinlik yaşına çatmayıblar. Bir də görürsən xəstələr adekvat olmurlar. Vəziyyətlərinin ağır olmasına adekvat olmayan xəstələri də ən yaxın qohumlarının, ailə üzvlərinin razılığı olduqda müalicə eləyə bilərik. Ancaq adekvat olanda, onkoloji xəstə əgər əməliyyatdan və yaxud da digər müalicə üsullarından imtina eləyirsə, onu məcburi müalicə eləməyə heç bir həkimin, heç bir mütəxəssisin icazəsi yoxdur.
Siyavuş müəllimin qaldırdığı məsələ ilə bağlı, deyim ki, narkomaniyaya düçar olmuş xəstələr xüsusi tibbi müəssisələrdə müalicə olunurlar ki, onlar da dövlət müəssisələridir. Mən biləni, hələ respublikamızda ödənişli xüsusi müəssisələr yoxdur. Onlar dövlət müəssisəsində müalicə alırlar. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, cənab Sədr. Mən də qısa şəkildə fikrimi söyləmək istəyirəm. Təbii ki, mən Siyavuş müəllimin fikrini dəstəkləyirəm. Bu qanunun vacibliyinə gəldikdə deyim ki, mən də bunun aktuallığını birmənalı şəkildə önə çəkirəm və belə bir qanunun qəbul edilməsini zəruri hesab edirəm. Müalicə edilməyən çoxsaylı insanların törətmiş olduğu fəsadlar göz önündədir. Baş vermiş cinayətlərin kökündə, əsasən, bu dayanır. Bu, reallıqdır və hər birimiz müxtəlif kütləvi informasiya vasitələrində verilən məlumatlarda, seçicilərin bizə müraciətlərində bunu görürük.
Hörmətli Oqtay müəllim, sadəcə olaraq, məsələnin tədbiqinə gəldikdə burada elə bir mexanizm tapılmalıdır ki, sui-istifadə hallarına yol verilməsin. Narahatçılıq buradadır. İndi millət vəkillərinin əksəriyyəti bununla bağlı fikirlərini söyləmirlər, lakin kənarda hər kəs deyir ki, bu, gələcəkdə bizə insan haqları, mülkiyyət hüququ və sairlə bağlı problem yarada bilər. Ona görə də elə bir mexanizm tətbiq olunmalıdır ki, orada sui-istifadə hallarına yol verilməsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Mənim sualım yoxdur, sadəcə, arayış vermək istəyirəm. Burada yoldaşların söylədikləri kimi, elə də təhlükəli məsələ yoxdur. Dedikləri o mexanizm var və narahatlığa əsas yoxdur. Yəni həmin müddəaların hamısı mövcud qanunumuzda var. Etdiyimiz dəyişiklik isə bundan ibarətdir ki, “Azərbaycan Respublikasının qanunvericiliyinə” sözləri daha da konkretləşdirilərək “Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə” sözləri ilə əvəz olunub. Burada mexanizm də var, narahatçılığa da əsas yoxdur. Bunu söyləmək istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.10 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Psixiatriya yardımı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! “Psixiatriya yardımı haqqında” Qanuna təklif olunan dəyişiklik Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə edilmiş dəyişikliklərə uyğunlaşdırılma məqsədi daşıyır. Konkret olaraq “Psixiatriya yardımı haqqında” Qanunun 29-cu maddəsinin 3-cü bəndi aşağıdakı variantda təklif olunur: “Psixi pozuntusu ilə əlaqədar barəsində tibbi xarakterli məcburi tədbirlər tətbiq edilmiş şəxs psixiatriya stasionarından yalnız həmin məcburi tədbirlərin tətbiqinin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında məhkəmənin qərarı əsasında çıxarılır”. Xahiş edirəm, bu dəyişikliyə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A.Mollazadə. Çox sağ olun, hörmətli Sədr. Mən bu təklifi, məhkəmə qərarlarının bu cür hallarda icrasını təqdir edirəm. Sadəcə olaraq, xatırlatmaq istərdim ki, sovet dönəmində sovet psixiatriyası dünya sistemindən təcrid edilmişdi, çünki insanları siyasi məqsədlərlə xəstəxanalara yerləşdirirdilər. Bu, fərqli fikirli insanlara cəza tətbiq eləmək idi. Onun üçün mənə elə gəlir ki, biz düzgün olaraq belə bir düzəlişi edirik.
Mən diqqətinizi digər bir məsələyə yönəltmək istərdim. Yaxşı olardı ki, bizim səhiyyə komitəsi bu məsələyə baxsın. Son vaxtlar mətbuatda kütləvi intiharlar barəsində məlumatlar gedir. Bunun əsas səbəbi onunla bağlıdır ki, bizdə artıq psixiatriya xidmətində antiintihar sistemi zəifləyib. Müvafiq psixoloji yardımlar göstərilmir. Qırmızı xətlər mövcud deyil ki, depressiya vəziyyətində olan vətəndaşlar ora müraciət edərək müvafiq psixoloji dəstək alsınlar.
Yenə qayıdıram sovet dövrünə. Bilirsiniz ki, o zaman intiharlarla bağlı statistika verilmirdi. Bu gün artıq Azərbaycanda ictimaiyyətə bu məlumatlar sərbəst çatdırılır. Əslində qorxunc rəqəmlərlə üzləşirik. Mənə elə gəlir ki, bizim komitə intihara cəhd etmiş şəxslərin məcburi müalicəsi ilə bağlı müvafiq qanunlara əlavələr eləməlidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim müəllim, Danimarka necə ölkədir? İnkişaf eləmiş ölkədir, elədirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dünyanın ən çox inkişaf eləmiş ölkələrindən biridir. Dünyada baş verən intiharlara görə Danimarka birinci yerdə gedir. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Asim müəllim dediyi məsələ ilə əlaqədar bir neçə fikrimi söyləyim. Bizdə “Psixiatriya yardımı haqqında” Qanun var və dediklərinizin hamısı orada nəzərdə tutulub. Amma mənə belə gəlir ki,  “Psixoloji yardım haqqında” Qanunun qəbul olunmasına və bütövlükdə bu xidmətin Azərbaycanda təşkil olunmasına bu gün çox böyük ehtiyac var. Mənə elə gəlir ki, bu sahədə çox işlər görülməlidir. Bizdə bu sahədə boşluq var. Bilirsiniz ki, müəssisələrin bir çoxunda psixoloq ştatları var, ancaq bu yardımı göstərə biləcək mütəxəssislər yoxdur və varsa da, onların səviyyəsi o qədər yüksək deyil.
Çox hörmətli Oqtay müəllim bilir, bizim komitədə Psixoloji yardım haqqında qanun layihəsi hazırlanır. Bu qanun layihəsini artıq komitə üzvlərinə paylamışıq, yaxın vaxtlarda komitənin iclasına çıxaracağıq və onu müzakirə edəcəyik. Mən bilirəm ki, bu sahə ilə maraqlanan millət vəkillərimiz var. Kim bu müzakirələrdə iştirak etmək istəyirsə, biz onların fikirlərini eşitməyə hazırıq. Belə bir qanunun qəbul olunmasına bu gün ehtiyac var. Deyilən problemin həllində bu qanun, mənə elə gəlir ki, müsbət rol oynaya bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.16 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədədir. Buyurun, Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən təqdim olunan Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə edilən təklif İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin ikinci bəndinin ləğv olunması ilə bağlıdır. Hörmətli millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş  edirəm.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz Milli Məclis olaraq İnzibati Xətalar Məcəlləsinə 3 ay əvvəl, yəni 2015-ci ilin 4 dekabrında qəbul etdiyimiz dəyişikliyi bu gün ləğv edirik. Mən buna həm sevinir, həm də təəssüflənirəm. 4 dekabrda mən bəlkə də yeganə millət vəkili idim ki, bu dəyişikliklə bağlı geniş çıxış etmişdim və həmin dəyişikliyin lazımsızlığı və hətta zərəri barədə ifadələr işlətmişdim.
Demişdim ki, davamiyyət məsələsi ilə ciddi məşğul olmaq lazımdır. Lakin belə üsullamı? Məncə, cərimə də olsa, pul məsələsini məktəb mühitinə gətirmək məqsədəuyğun deyil. Onsuz da Təhsil Nazirliyinin indiki rəhbərliyi rüşvət, valideynlərdən pul yığma və digər bu kimi neqativ hallara qarşı ciddi mübarizə aparır.
Demişdim ki, davamiyyətin aşağı olmasını cərimələrlə həll edə bilməyəcəyik, çünki bunun səbəbləri ilə mübarizə aparmaq lazımdır. Cərimələrə gəlincə ali məktəblərimizdən nümunə götürməliyik. Əgər orada tələbə dərslərin 20–25 faizini buraxırsa, onu imtahana buraxmırlar, kurslarda saxlayırlar və sair. Bizdə də rüb və ya il ərzində dərsə az gələn şagirdi eyni sinifdə saxlamaq, imtahanlara buraxmamaq kimi üsullardan istifadə etmək olar. Amma pul məsələsini, pul cərimələri bir sıra neqativ halların çoxalmasına, alverə gətirib çıxaracaq.
Buna görə 4 dekabrda etdiyim çıxışımın sonunda xahiş etmişdim ki, bu dəyişikliyin üzərində ciddi dayanaq və onun qəbuluna tələsməyək. Lakin məni dinləyən olmadı, hətta dəyər verdiyim və sevdiyim həmkarlarımdan biri mənə irad da tutdu. Mən bu qanunun mövcudluğuna bir–iki ay vaxt verdim, cəmi bir ay yanıldım. Bu gün şükürlər olsun ki, biz İnzibati Xətalar Məcəlləsinin 189-cu maddəsinin ikinci bəndini ləğv edirik. Mən bunu özümü tərifləmək üçün demirəm. Mən təəssüf edirəm, ona görə ki, bu, son üç ay ərzində artıq yanılmıramsa, üçüncü presedentdir. Yəni artıq üçüncü dəfədir ki, qəbul etdiyimiz qanunu cənab Prezident geri qaytarır və ləğv edilməsi üçün müzakirəyə təqdim edir.
İstərdim ki, çox hörmətli cənab Prezident İlham Əliyev tərəfindən bizə göndərilən qanunun preambulasına, nəhayət ki, diqqət yetirək. Orada yazılmır ki, bu və ya digər qanun qeyd-şərtsiz və düzəlişsiz qəbul olunmalıdır. Burada, sadəcə, nə qeyd edilir? Misal gətirirəm: “Azərbaycan Respublikasının Konstitusiyasının 96-cı maddəsi rəhbər tutularaq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Qanununun layihəsi müzakirənizə təqdim edilir”. Eyni ilə Prezident Administrasiyasından gələn digər qanun layihələri də bizə müzakirə üçün təqdim olunur.
Ona görə mən millət vəkillərimizdən artıq dərəcədə xahiş  edərdim ki, müvafiq strukturlardan, bu və ya digər nazirlikdən göndərilən sənədlərə daha diqqətlə yanaşaq, onları təhlil etməyi bacaraq və lazım olsa, prinsipial fikirlərimizi səsləndirməyə çəkinməyək. Əgər bu fikirlər ümumi işimizin xeyrinə olacaqsa, hansısa məsələni, hansısa qanun layihəsini, dəyişikliyi təxirə salsaq, zənnimcə, heç kim bizdən inciməz. Çünki geri qaytarılan qanunlar, bir–iki ay keçməmiş ləğv edilən dəyişikliklər və bu kimi hallar, məncə, Milli Məclisin adına, intellektual səviyyəsinə, işgüzar nüfuzuna xələl gətirir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Elmira xanım, görünür, çox uzaqgörən siyasətiniz olub, ona görə demisiniz. 15 ilə yaxındır, Milli Məclisdəsiniz, nə qədər qanun layihəsi geri qayıdıb? Bir qanun layihəsi ilə bağlı belə danışmaq, hesab edirəm, bir az düzgün deyil.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu qanun layihəsi ləğv olunur, bunu niyə təzədən müzakirə edirik? Biz bu layihələr ətrafında Milli Məclisin komitələrinin iclasında söhbət apardıq və artıq bu istiqamətdə işlər görülməyə başlanıb. Mən hesab edirəm ki, qanunun ləğvindən söhbət gedirsə, təzədən bunun müzakirəsinə ehtiyac yoxdur. Xahiş  edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Sağ olun.
Sonuncu məsələ Mülki Prosessual Məcəllədə dəyişiklik edilməsi haqqındadır. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! 20 oktyabr 2015-ci ildə Mülki Prosessual Məcəlləyə dəyişiklik edilmişdir. O dəyişikliyin mahiyyəti ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında işlər üzrə icraatla bağlı yeni bir fəslin əlavə olunması idi. Amma Mülki Prosessual Məcəllədə eynilə bu məsələyə həsr olunan digər 306-cı maddə var. Ona görə təklif olunur ki, eyni texniki düzəliş 306.1-ci maddədə də öz əksini tapsın. Əslində 40-1-ci fəsil, 40-2-ci fəsillə əvəz olunur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir Kərimli. 
T.Kərimli. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də dəyişikliyi müdafiə edirəm, amma Oqtay müəllimdən və sahə mütəxəssisi olduğuna görə Ziyafət müəllimdən bir xahişim var, bizə kömək eləsinlər. Bu da Konstitusiyanın 21-ci və 90-cı maddələrinin tətbiqi ilə bağlıdır. Bilirsiniz, bu ola bilər tək mənə aid deyil. 90-cı maddədə birbaşa göstərilib ki, deputat cinayət məsuliyyətinə cəlb edilə bilməz və onun barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz. Amma deputatların maşınlarını saxlayırlar.
Dünən bir parlament partiyası məni Qarabağ dinləmələrinə dəvət etmişdi. Ora gedirdim. 67 manat cəriməni yerində ödəməyə qoymadılar. O maşını ki, dövlətin verdiyi maliyyə ilə icarəyə götürmüşük, müqavilə bağlamışıq. “Deputat statusu haqqında” Qanuna baxmadılar, Konstitusiyanın müvafiq maddəsinə, müqaviləyə baxmadılar və deputat səlahiyyətlərimizin icrasına mane oldular. Nə qədər izah elədiksə, dedi ki, yox, Bakı Baş Polis İdarəsinin rəisinin müavini Əlövsət Quliyev əmr eləyib, onunu dediyi kimi olmalıdır. Bu, bəzi deputatların da başına gəlir və yüksək ali qanunvericilik orqanı olan Milli Məclisin üzvlərinin nüfuzunu aşağı salır.
Bu, tək mənə aiddirsə, mən istefa verib gedərəm. Mən çox xahiş edirəm ki, bu məsələyə diqqət artırılsın. Əgər deputat inzibati qaydada məsuliyyətə cəlb oluna biləcək bir hərəkət edibsə, qanun var, Milli Məclisin rəhbərliyinə müraciət olunmalıdır. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq onun haqqında intizam tədbirləri görülə bilər. Belə təhqirlərə yol verilməməlidir.
İkinci, yenə də, Konstitusiyanın 21-ci maddəsi ilə bağlı sizdən kömək umuram. Vaxtı ilə təklif eləmişdim ki, dövlət dilinin tətbiqi qaydalarının pozulmasına görə məsuliyyət müəyyən olunsun. Çox təəssüf ki, bu, keçmədi. Dünən – aprelin 14-də Gürcüstanın Prezidenti Borçalıya gəlib. Ana dili günü keçirilməsinə baxmayaraq, biz gördük ki, o gürcü  dövlət dilinin müdafiəsinə qalxmışdı.
Apreldə bizim milli birliyimiz ifadə olundu, amma görün nələr deyirlər? Deyirlər ki, bizdə elitanın dili rus dilidir. Rus dilinə də hörmətim var, ancaq cənab Prezidentin sərəncamı ilə yaradılan monitorinq komitəsi 5 minə qədər müəssisədə yoxlama aparıb və məlum olub ki, onların 92 faizində dövlət dilinin tələbləri pozulub. Biz harada yaşayırıq? Bakıda gəzəndə bilmək olmur ki, bu hansı şəhərdir, hansı dövlətə aiddir. Ona görə sizdən xahiş edirəm, dövlət dilinin tətbiqi ilə bağlı müəyyən dəyişikliklər olsun, çünki çox acınacaqlı vəziyyətdir.
Cənab Prezident Milli Elmlər Akademiyasının iclasında məsələ qoymuşdu ki, dövlət dilimizə xarici sözlərin gəlməsinin qarşısını alaq. Yaxşı, xarici dildə çıxış etsinlər, hər bir işi görsünlər, ancaq dövlət dilinə bu cür yanaşma məni ağrıdır. Mən baş ağrısı vermək istəmirəm. Əgər  biz dövlət dilimizə hörmət qoyuruqsa, o zaman Borçalı da, Dərbənd də, Təbriz də, Kərkük də bizi müdafiə etmişdi bu hadisədə, hamısı vətənimizdir, amma dövlətimiz deyil. O insanlar ki, dövlət dilinə hörmət etmir, hətta Azərbaycanda yaşayırlar, Azərbaycan onlar üçün dövlət ola bilər, amma vətəni deyil. Ona görə də biz Milli Məclis  səviyyəsində bu məsələləri qaldırmalıyıq.
Milli azadlıq hərəkatı zamanı və müstəqil dövlət quranda sevindik ki, nəhayət, Bakı milli şəhər oldu. Ancaq baxın, balaca uşaqlar da rus dilində danışırlar. Danışsınlar, hüquqlarıdır. Sevinirəm, bizim rəhbərlərimiz də müxtəlif dillərdə yaxşı danışırlar. Vaxtı ilə Lenin Qafqaz işi ilə bağlı S.Orconikidzeyə göndərdiyi məktubda yazırdı ki, bu rus olmayan şəxslər – Stalin və Djerzinski özlərini rus göstərməklə lap şitini çıxarmışlar. İndi bizimkilərin bir çoxu, hətta dövlət rəhbərliyində  olan bəzi insanlar lap şitini çıxarırlar, dövlət dilinə hörmət etmirlər. Bundan sonra çalışacağam, çıxış etməyim, baş ağrısı verməyim. Arzu edirəm ki, bayaq dediyim kimi, özümüz olaq, özümüzə oxşayaq, dövlətimizin, milli birliyimizin əsası olan dilimizin müdafiəsinə qalxaq. O zaman hesab edirəm ki, hər şey yaxşı olacaq. Sağ olun.
Sədrlik edən. Tahir müəllim,  deyirsiniz ki, elita millidir. Hansı elita öz dilini bilmirsə, ona elita demək özü günahdır. Mən eləsini tanımıram ki, desin, elitayam, amma dilimi bilmirəm.
Dilimiz bütün dövlət təşkilatlarında, bütün dövlət strukturlarında  tətbiq olunur. Azərbaycan dili dövlət dilidir. Ancaq Azərbaycanda Azərbaycan dilli məktəblərdən başqa rus və başqa dilli məktəblər də var. Qanunda təsbit olunub, biz bunu ləğv edə bilmərik.
Hansı dövlət təşkilatında milli dili işlətmirlər? Mən şəxsən, eşitməmişəm. Rus dilində, ingilis dilində ola bilər, danışırlar, amma dövlət təşkilatında kimsə desin ki, elita rus dilində danışmalıdır, belə elitamız yoxdur.
O ki qaldı Dövlət Yol Polisi haqqında dediklərinizə, bir neçə dəfə  bu barədə söhbət olub, bir də danışarıq. Ancaq hər hansı müfəttişin bir səhvinə görə istefa verməsi kimi söhbətlərin yeri bura deyil. Bu sahə ilə bağlı bütün qanunları Milli Məclisdə qəbul etmişik. Əgər bu qanunları qəbul etmişiksə, çalışmalıyıq onları pozmayaq.  Fəzail Ağamalı.
F.Ağamalı. Cənab Sədr, vaxtlarını aldığım üçün hörmətli millət vəkillərindən üzr istəyirəm. Ancaq Tahir müəllim danışandan sonra istədim ki, bu gün başıma gələn hadisəni Sizin diqqətinizə çatdıram. Milli Məclisə gələndə “Azneft” meydanında, – ailəm də maşında idi, – DYP-nin motosikletləri və avtomobili maşınımın qabağını kəsdi, bizi saxladı və 12 dəqiqə kiminləsə danışdı və sair.
Bəlli oldu ki, mənim borcum var. Yəni ya radarlarda sürəti aşıblar, ya da qaydanı pozublar. Cəriməni   ödəmədiyimiz üçün maşın saxlanılır. Mənə müraciət etdi ki, buyurun, ailənizlə bərabər taksiyə oturun, gedin, amma maşını cərimə meydançasına aparacağıq. Onu başa salandan sonra ki, bunun üçün prokurorun sanksiyası, Milli Məclisin razılığı lazımdır, nəhayət, məndən əl çəkdilər və məni Şəhidlər Xiyabanına qədər müşayiət etdilər. Mənə qarşı çox mədəni rəftar etdilər, davranışlarına heç bir iradım yoxdur.
Oqtay müəllim, neçə dəfə bu məsələni qaldırmışıq, Sizdən xahiş etmişik. Millət vəkillərinin hər biri bu halla rastlaşır. Millət vəkillərinin sürücülərinin heç biri avto-xuliqanlıq etmir. Biz tıxac səbəbindən iclasa və ya dövlət tədbirlərinə gecikəndə məcbur oluruq və sürücüyə deyirik ki, sürəti bir az artır. O da artırır. İndi araşdırmışam, nə bəlli olur? Elə nömrələr var ki, onlara məxsus maşınlar saatda 260 sürətlə getsə də, hər şeydən azaddırlar.  Mən xahiş edirəm, Milli Məclisin deputatlarına da 2020-ci ilə qədər o cür nömrələr verilsin. Seçilən davam etdirsin, seçilməyən nömrəni təhvil versin. Bizi bu şəkildə aşağılamaq lazım deyil.  Mən çox xahiş edirəm, Oqtay müəllim, bu, birinci hal deyil. Tahir müəllim bunu söylədi və mən məcbur oldum ki, bunu bir daha dilə gətirəm. Hörmətli millət vəkilləri də  arxadan və yandan mənə dedilər ki, Fəzail müəllim, xahiş edirik, bunu de.  Hamımız bu gündəyik. Sağ olun.
Sədrlik edən. Fəzail müəllim, maşın kimin adına idi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sənin adına. Mən dedim, bu məsələ haqqında danışacağıq, ancaq xüsusi nömrə söhbəti yoxdur.
Fəzail müəllim dedi ki, Milli Məclisin iclasına gecikəndə sürəti artırırlar. Mən bilsəm ki, doğrudan da, bu belədir, o cəriməni mən verərəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sizin fikrinizi başa düşdüm. Dedim ki, danışacağam. Amma deyəndə ki, Milli Məclisə gecikirəm, bu, bir az düz deyil. Köhnə bir misal var. Birinə deyirlər ki, “ты почему на последнем партсобрании не был? Cavab verir ki, “если бы я знал, что это последнее собрание, то я со всей семьей пришел бы”. İndi mən bilsəydim belədir, tamam başqa cür deyərdim. Amma dediyiniz məsələni başa düşdüm, anladım. Sizin tələblərinizi danışıb, məlumat verəcəyəm. Xahiş edirəm, məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.33 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. Sağ olun.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi