2016-ci il 29 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 16

Milli Məclisin iclas salonu.
29 aprel 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 109
Yetərsay 83

 İclasa dəvət olunmuşlar:

Vilayət Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Fazil Quliyev, Azərbaycan Respublikası daxili işlər nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında.
2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Fərəc Quliyev, Əli Məsimli, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Elşən Musayev, Fazil Mustafa, Sahib Alıyev, Elman Nəsirov, Bahar Muradova

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

1. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vilayət Eyvazov, Fazil Mustafa, Siyavuş Novruzov, Ziyafət Əsgərov, Zahid Oruc, Fəzail Ağamalı, Elmira Axundova, Qüdrət Həsənquliyev, Çingiz Qənizadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı, Azər Badamov, Aqil Abbas, Tahir Mirkişili, Vüsal Hüseynov, Ülviyyə Ağayeva, Sona Əliyeva, Məlahət İbrahimqızı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

3. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Aqiyə Naxçıvanlı, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

5. “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Rüfət Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

6. “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.27  dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

7. “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.28 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV


MİLLİ  MƏCLİSİN  İCLASI

29 aprel  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən.  Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 109
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə  ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda yazılın, amma xahiş edirəm, bir az konkret olun. Zahid Oruc.
Z.Oruc. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Hesab edirəm ki, hər bir parlament üzvü Azərbaycan xalqının nümayəndəsi kimi, son 3 gündə cəbhə xəttində yaranmış vəziyyət ilə bağlı narahatdır. Düşünürük ki, Qarabağ münaqişəsinin ağırlığı təkcə Ali Baş Komandan və ordumuzun çiyinlərində deyil, parlament üzvü olaraq biz də Ermənistanın son əməllərinə qiymət verməliyik. Biz birinci növbədə onu vurğulamalıyıq ki, bu bölgələrdə dinc insanları hədəfə çevirən Ermənistan 1990-cı illər siyasətinə uyaraq guya uğur qazanacağını, arxa cəbhənin boşalacağını, ordunun xalqdan məhrum olacağını, humanitar ağırlıq altında bizə hansısa ziyanlar dəyəcəyini və sairi düşünür. Əksinə, bu düşüncə ilə Sarkisyan öz xalqını, sadəcə, qırğına vermiş olacaq. Ona görə də mən bir parlament üzvü kimi, buradan səslənərək bir daha Sarkisyanı hərbi cani adlandırıram və onu öz xalqının faciəsinə bais olmamağa və istefa verməyə çağırıram. Polis generalını qurban verib və düşünür ki, Qarabağ proseslərinin birinci dalğasında hakimiyyəti zəbt elədiyi kimi, onu qoruyub saxlaya biləcəkdir. Amma bu, alınmayacaq. İki erməni dövləti qurmaq istəyirdilər, birindən də məhrum oldular. Ermənisiz Ermənistan, ermənisiz Qarabağ yaranıb. Qarabağda qalanlar yalnız hərbi əlillər və işsiz qocalardır. Təkcə Ağdərənin statistikasını demək istəyirəm. 1989-cu ildə orada 8300 nəfər yaşayırdı. 2005-ci ildə 4200 nəfər olub, indi isə sıfırdır. Ön cəbhədə olan hərbçilər də öz ailələrini oradan çıxarıblar. Bu onu sübut eləyir ki, ermənilər istədiklərinə nail ola bilməyiblər. Ön cəbhədə dayanmaqla arxada xalqı, vətəni qorumaq mümkün olmayıb. Azərbaycan əraziləri hesabına vətən qurula bilməz. Demoqrafik cəhətdən onlar bu illər ərzində məhv olublar.
Eyni zamanda, bu son hadisələr fonunda onlar çalışıblar ki, Azərbaycan–Rusiya münasibətləri pisləşsin və rus generalları gəlib ermənilərin hərbi postunda dayansınlar. Sual olunur, ruslar nə üçün, hansı ideya, hansı ideologiyaya görə Qarabağda ermənilərin əvəzinə ölməlidirlər? Ona görə də  ordu ilə bağlı məsələlərdə hər birimiz diqqətli olmalıyıq. Xüsusi olaraq vətəndaşlarımız şəhər telefonları saydığımız  bu daşınmaz telefonlarla danışıqlarında Müdafiə Nazirliyinin məlumatları ilə bağlı dedi-qoduları bölüşməməlidirlər. Bunun üzərində kifayət qədər casuslar, kəşfiyyatçılar çalışır və psixoloji diversiyanı həyata keçirməkdədirlər. Ordu haqqında hər hansı bir şayiə inzibati olaraq cəzalandırılmalıdır və sair. Ona görə də biz Ermənistanın müharibə çağırışına, Sarkisyanın hansısa şərhlərinə...
Sədrlik edən. Sağ olun. İndi Zahid Oruc bir məsələni dedi, mən də bir balaca  fikrimi bildirmək istəyirəm. Bu, jurnalistlərə də aiddir. Bir də görürsünüz, saytlarda  yazılar qoyurlar ki, bu aparat necə işləyir, haradan vurur, haradan gəlir. Bütün hərbi məsələləri saytlara qoyurlar. Bildiklərini də, bilmədiklərini də. İndiki dövrdə elə parlamentin özündə  də danışanda  hər bir məsələyə, hər bir çağırışa fikir verək.
Mən keçən dəfə dostluq qruplarının rəhbərlərindən, beynəlxalq təşkilatlarda olan deputatlardan xahiş eləmişdim, məktublar yazılsın, xəbərlər verilsin, həqiqətlər çatdırılsın. Bəziləri beynəlxalq təşkilatlara yazıblar. Ancaq çoxumuz hələ fəal deyilik. O yerə gəlib çatıb ki, Amerika senatoru məktub yazıb deyir ki, Azərbaycan Dağlıq Qarabağa təcavüz edir. İndi Azərbaycan, sən demə, təcavüzkardır. Yəni bunları bilməyənləri qandırmaq, başa salmaq, məktub yazmaq lazımdır. Burada indiki dövrdə danışmaqdan çox tanıdığınız parlament üzvlərinə, beynəlxalq təşkilatlara məktub yazmaq lazımdır. Onlara həqiqətləri başa salmaq lazımdır. Çoxları heç Azərbaycanın harada olduğunu bilmir, heç bu problemlərdən xəbərləri yoxdur.
Mən ad çəkmək istəmirəm. Bu yaxınlarda Avropa Parlamentinin nümayəndələri gəlmişdilər. Xəritəni qoymuşuq qabaqlarına, deyir, Qarabağ Ermənistanın sərhədində deyil? Bunlar heç bilmirlər ki, işğal olunmuş 7 rayon nədir, Qarabağ harada yerləşir. Bu istiqamətdə işimizi artırmalıyıq. Yəni ermənilər yalan-doğru hər şeyi yazırlar, hər yerə göndərirlər. Biz də bu istiqamətdə iş görməliyik. Ən çox parlament təşkilatları ilə, başqa ölkələrin dostluq qrupları  ilə işləməliyik. Xahiş edirəm, bunu nəzərinizdə saxlayın. Fərəc Quliyev buyursun.
F.Quliyev. Çox sağ olun, hörmətli Sədr. Mən tamamən Sizin o fikirlərinizi bölüşürəm. Bir məsələyə münasibət bildirim ki, artıq Sarkisyanın son vaxtlar danışıqlardan imtina eləyərək 3 şərt qoyması və bunların da rəsmən  elan olunması üzə çıxdı. Elə Ermənistan parlamentinin vitse-spikeri mətbuatda da bu şərtləri bildirdi. Deməli, insidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi şərti qoyulur. Ünvanlı bəyanatlar və Azərbaycandan Dağlıq Qarabağ ərazisinə qarşı təcavüzkar addım atmayacağına dair zəmanət. 3 şərt qoyulur. Ermənistan tərəfinin bu mövqeyi, danışıqlardan imtina eləməsi son atəşkəsdən sonrakı müddətdə tərəflər arasında beynəlxalq vasitəçilərin də müəyyən qədər detalları cilalamağa çalışdığı bir vaxtda bütün məsələlərin üstündən xətt çəkmək deməkdir. Ermənistan tərəfinin BMT-yə, bütün beynəlxalq qurumlara hörmətsizliyi deməkdir.
Oqtay müəllim bu məsələyə bir formada toxundu. Mən də təklif edirəm, həm dostluq qrupları, həm də parlamentin özü   BMT-yə, bütün beynəlxalq təsisatlara  bu son məsələ ilə bağlı münasibət bildirməlidir.  İnsidentlərin araşdırılmasına dair mexanizmlərin tətbiq edilməsi BMT-nin dörd qətnaməsində açıq şəkildə göstərilibdir.  Ermənistanın ünvanına bəyanat var, mexanizmdə göstərilib ki, Ermənistanın işğalçı ordusu Azərbaycan ərazilərini tərk eləməlidir. Azərbaycan da bunu təklif edir, başqa şey demir. 3-cü şərt Azərbaycanın Dağlıq Qarabağ ərazisinə qarşı təcavüzü  artırmayacağına dair zəmanətidir. Qarabağın istəyir aran hissəsində, istəyirsə də dağlıq hissəsində yaşayan Azərbaycan əhalisinin böyük əksəriyyəti, orada qalan erməni əsilli azərbaycanlılardan daha çox əhalisi Azərbaycanın digər ərazilərindədir və Azərbaycan hökuməti onları bağrına basıb saxlayır. Dəfələrlə də bəyan edib ki, Azərbaycan Konstitusiyası orada bərpa olunandan sonra, Ermənistanın işğalçı ordusu oradan çıxarılandan sonra Dağlıq Qarabağdakı erməni əsilli azərbaycanlıların bütün hüquqlarını digər ərazilərdə yaşayan  etnoslarda olduğu kimi, təmin eləməyə hazırdır.
Mən hesab edirəm ki, dediyim məsələlər daha  geniş şəkildə parlament tərəfindən,  müxtəlif deputatlar tərəfindən, – mən tamamilə Oqtay müəllimlə razılaşıram, – dostluq qrupları tərəfindən  hər yerə məlumat və məktub şəklində göndərilməlidir. Mən keçən dönəmdə də  Avropa Parlamentinin 97 üzvünə və başqalarına  məktublar göndərmişdim. Partiya sədri kimi yenə də göndərməyə hazıram. Burada təmsil olunan bütün partiya sədrləri də öz partiyalarının mövqelərini bildirməlidirlər. Sarkisyanın çox böyük yanlışlıqla etdiyi bu etirafdan biz gerçəklikdə istifadə eləməyi bacarmalıyıq.
Sədrlik edən. Bir xahişim var. Bu Sarkisyandan çox misal gətirməyin. Bu saat erməni hakimiyyəti özünü elə itirib ki, baş deyəni ayaq eşitmir. Sarkisyan çıxış edir ki, biz danışıqları dayandırırıq, 2 gün sonra xarici işlər naziri deyir, biz danışıqlara sadiqik. Ona görə onlardan çox da misal gətirməyin. Onlar nə dediklərini özləri də bilmirlər. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Bu həftə həm BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumu, həm də  türk dünyasının mədəniyyət paytaxtı adlandırılan Şəkidə keçirilən tədbirlər göstərdi ki, Azərbaycan özünün bayrağına həkk olunmuş 3 dəyərə – bəşəri, dini və milli dəyərə nə qədər sadiqdir. Azərbaycan Prezidentinin və Türkiyə Prezidentinin həmin tədbirlərdəki mesajları göstərdi ki, biz multikulturalizm prinsiplərinə nə qədər sadiqik. Eyni zamanda, həmin mesajlar bir daha göstərdi ki, milli, dini fərqlilik ayırıcı amil deyil, əksinə, birləşdirici dialoq amilidir. Həm forum iştirakçılarının, həm nümayəndə heyəti rəhbərinin, həm də Oljas Süleymenov səviyyəsində görkəmli insanların Şəkidə – türk dünyasının mədəniyyət paytaxtındakı tədbirlərdə iştirakı göstərdi ki, Azərbaycan xalqı minilliklərdən bu yana özünün  milli dəyərlərini qorumağa nə qədər qadirdir. Şəkinin timsalında gördülər ki, Azərbaycanda açıq səmanın altında 3 minlik yaşı olan necə qədim muzeylər var. Şəkidə qonaqpərvərliklə qarşılanan insanlar həm  Şəkinin mətbəxi, həm də abidələri  timsalında türk dünyası dəyərlərinin ən gözəl parçalarını gördülər. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, həmin tədbirlər türk dünyasını daha da yaxınlaşdırmağa, onların ortaq dəyərlərini birgə inkişaf etdirməyə xidmət eləməlidir.
Bir rəqəmi qeyd eləmək istərdim ki, bu gün Türkiyə, Qazaxıstan, Azərbaycan və digər türkdilli dövlətlərin bütövlükdə istehsalı dünya istehsalında 11-ci yeri tutur. Əgər biz inteqrasiyamızı gücləndirsək,  beynəlxalq  təşkilatlarda bir-birimizi daha yüksək səviyyədə müdafiə eləyə,  özümüzün dəyərlərini inkişafın ciddi amilinə çevirə bilsək, hesab edirəm, tarix üçün o qədər  də  uzun olmayan bir dövrdə türk dünyası həmin 11-ci  yerdən 3-cü yerə – Amerika Birləşmiş Ştatları və Çindən sonrakı yerə çıxa bilər. Bu isə türk dünyasının qüdrətini göstərər. Belə bir birliyin ərazisini işğal eləmək, işğalda saxlamaq və sair mümkün deyil. Çıxışımın sonunda qeyd eləmək istərdim, Şəki kimi  şəhərlərdə də işləri  genişləndirmək lazımdır ki, qonaqlar bizim qədim sənət əsərləri ilə yaxından tanış ola bilsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar və media təmsilçiləri! Bir neçə gün bundan öncə Azərbaycanda Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi onu bütün dünya qarşısında bir daha sülhsevər və bütün dünyanın əmin-amanlıq içərisində yaşaması üçün töhfələr verən  ölkə kimi tanıtdı və nümayiş etdirdi. Bir daha aydın şəkildə  göstərdi ki, ölkə Prezidentinin müəyyən etmiş olduğu siyasi xətt Azərbaycanın  dünyada nüfuzunu, gücünü və  reytinqini artırır. Bir tərəfdə  işğala məruz qalmasına baxmayaraq, dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına ciddi töhfələr verən Azərbaycan, onun lideri var, başqa bir tərəfdə isə hələ də işğalçılıq siyasətini davam etdirən faşist düşüncəli, psixopat bir Sarkisyan  və eyni düşüncə ilə yaşayan erməni cəmiyyəti var. Baxmayaraq ki, Azərbaycan dünyanın beynəlxalq təşkilatlarının, ayrı-ayrı dövlətlərin, cəmiyyətlərin çağırışlarına  qoşularaq atəşkəsə əməl etməyə başlayıb,  Ermənistan isə əksinə, yenə də aprel ayının əvvəllərində ona verilmiş olan ağır dərsdən nəticə çıxarmayaraq təcavüzünü davam etdirir, təxribatlarına ara vermir.
Son günlərdə Azərbaycanın mülki obyektlərinin, dinc əhalisinin  güllə-baran edilməsi, mərmilər nəticəsində insanların itki verməsi, yaralanması bir daha həmin rejimin tam mahiyyətini ortalığa qoyur. Ona görə də mən düşünürəm, bununla bağlı Azərbaycan beynəlxalq konvensiyalara söykənərək dinc əhaliyə qarşı törədilmiş  bu cinayət əməllərinə qarşı qəti addımlar atmalı, ultimatum verməli və əgər Ermənistan bu ultimatumdan nəticə çıxarmasa, Azərbaycan ordusu öz missiyasını yerinə yetirməli və son sözünü deməlidir. Təkcə  Azərbaycan deyil, eyni zamanda, region bu təhlükəli və üfunətli virusdan birdəfəlik yaxa qurtarmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr. Dünən Ermənistan prezidenti Sarkisyan Azərbaycanla sülh danışıqlarına getmək üçün öz şərtlərini səsləndirib. Açığını deyim, Sarkisyan siyasətini izləyən hər bir adam üçün elə bir təsəvvür yaranır ki, bu, Sarkisyanın siyasi karyerasında verdiyi ən səfeh və primitiv bir bəyanat idi. İşğal edən ölkə işğal etdiyi ölkədən özünün təhlükəsizliyini tələb edir. Dünya siyasətində cəbhə xəttindəki təxribatları, beynəlxalq təşkilatların sənədlərində və qətnamələrində işğalçı  dövlət kimi tanınan bir ölkənin rəhbəri bu gün insidentlərin araşdırılması üçün bir komissiya yaradılmasını tələb edir. Xocalı soyqırımında birbaşa əli olan və bu soyqırımındakı iştirakı ilə fəxarət duyan, Xocalı soyqırımının cəlladı olan Seyran Ohanyanı özünün müdafiə naziri təyin edən bir insan bu gün Ermənistan və eyni zamanda,  Dağlıq Qarabağda yaşayan əhalisi üçün təhlükəsizlik tələb edir. Hesab edirəm ki, hətta Hitler II Dünya müharibəsində bu cür ağılsız və düşüncəsiz, sözün əsl mənasında gülüş doğuran bir bəyanat verə bilməzdi.
Bütün bunlar Serj Sarkisyanın ciddi çaşqınlıq içərisində  olduğunu, siyasətinin ciddi böhran keçirdiyini və çıxış yolu tapa bilmədiyini göstərir. O, hələ də hesab edir ki, xaricdəki müəyyən dairələr Ermənistanı və onun qaniçən rejimini xilas edəcəklər. Amma Sarkisyan və onun kimilər unudurlar ki, Azərbaycan  100 ildən sonra dövlətçiliyini bərpa etmiş Azərbaycan deyil, Azərbaycan 1920-ci ildə xaricdə müstəqilliyi əlindən alınaraq yenidən başqa dövlətin tərkibinə salınan Zəngəzuru, Göyçəsi, Mehrisi əlindən alınan, zorla Dağlıq Qarabağ muxtariyyəti yeridilən,  Qorbaçovun köməkliyi ilə 1987-ci ildə Heydər Əliyevi siyasətdən uzaqlaşdırılan, 1988-ci ildə  siyasi səlib yürüşü təşkil edilən Azərbaycan deyil. O, rəhmətlik Heydər Əliyevin ideyaları ilə yaşayan, cənab Prezident İlham Əliyevin siyasəti ilə qüdrətlənən Azərbaycandır. Sarkisyanın nə düşündüyü, nə cür səfeh bəyanatlar verib, nə cür tələblər irəli sürdüyü Azərbaycan üçün maraqlı deyil. Azərbaycana maraqlı olan öz müstəqilliyini qorumaq, ərazi bütövlüyünü bərpa etmək, beynəlxalq debetdə öz nüfuzunu bir daha möhkəmləndirməkdir. Bu, heç də uzaqda deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, məlumunuz olduğu kimi, biz Avropa Şurasının nümayəndə heyəti olaraq Strasburq şəhərindən yeni qayıtmışıq. Müəyyən görüşlər, məsləhətləşmələr oldu. Bu haqda əlaqədar dairələrə məruzələr etmişik. Biz getməmişdən öncə, söyləyim ki, bizə məlumat verilmişdi ki, müəyyən təxribatlar olacaq. Çox təəssüf ki, ehtimallarımız özünü doğrultdu. Sadəcə, vaxt azlığına görə bu haqda təfsilata varmaq istəmirəm. Görüntü nədən ibarət idi? Öz nəzərimə əsasən onu söyləyim. Ermənilərin əvvəlki pafosu, özgüvəni, özündən müştəbehliyi qalmayıb. Bunu xüsusi olaraq qeyd eləmək istəyirəm.
İkincisi, xristian amili artıq Azərbaycan əleyhinə işləmir. Bu da ilk dəfə bizim tərəfimizdən müşahidə olunur. Erməni lobbisi tamamilə neytral qalıb. Bu da Azərbaycanın uğurudur. Nəhayət, ermənilər ilk dəfədir ki, Avropada, dünyada tamamən təkləniblər. Bu da, əslində,  seyr etdiyimiz son dərəcə qənaətbəxş mənzərələrdən biridir. Əsasən, nəyə toxunmaq istəyirəm?  Türkiyənin Baş naziri cənab Əhməd Davudoğlu  Strasburqa səfər etdi, bizimlə özəl bir görüşü oldu. Möhtəşəm çıxışında dünya ictimaiyyətinə bir daha eyni eyhamı vurdu ki, biz sonuna qədər Azərbaycanın yanındayıq. Məncə, Türkiyə–Azərbaycan münasibətlərində son vaxtlar bu prizmada seyr edilən yaxınlaşma xüsusi olaraq qiymətləndirilməlidir və bu, Azərbaycan hakimiyyətinin, Azərbaycan dövlətçiliyinin uğurlarından biri kimi tarixə düşməlidir.
Azərbaycan qadınının uğurundan danışmaq istəyirəm. Avropada bizim çox hörmətli həmkarımız Sahibə Qafarova,  hər kəsin bilməyini istəyirəm ki, Avropada bu gün tarix yazır. Bir tək  komitə sədri seçilməklə deyil, həm də zəkası, inanılmaz siyasi manevrləri ilə tarix yazır. Bu kontekstlə Qənirə xanım Paşayevanın da adını çəkə bilərəm, hörmətli Sevinc Fətəliyevanı da eyni sıraya aid eləyə bilərəm. Ümumiyyətlə,  deyim ki, Avropa Şurasında nümayəndə heyətinin hər bir üzvünün sanki bir funksiyası var. Məsələn, Qarabağ icması Avropa Şurasında Rövşən Rzayevə görə tanınır. Erməni çıxış eləyəndən sonra onun bütün arqumentlərini dağıdacaq bir çıxış dərhal Rafael müəllimdən gəlir. Səməd müəllimin Avropada qeyri-adi nüfuzu var və bu nüfuz bizi bəzi məqamlarda hifz eləyib. Niyə görə bunları söylədim? Mən bu nümayəndə heyəti ilə fəxr edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu günlərdə mən mətbuatda da diqqəti bir məsələyə çəkməyə çalışdım ki, ordumuzun son uğurlu əməliyyatlarında ən əsas məsələlərdən biri budur ki,  bu gərgin vəziyyətdə Azərbaycan ordusunda bir nəfər də olsun fərari olmadı. Yəni mən qeyri-rəsmi məlumatlar da aldım, özümün də bilgilərim əsasında bunu məsuliyyətlə söyləyirəm. Haradasa 10–15 il bundan qabaq Hərbi Prokurorluq, hüquq mühafizə orqanları 5–10 min, bəlkə də daha çox  fərarilik barədə cinayət işlərinin qaldırılması, axtarışların elan edilməsi və başqa məsələlərlə məşğul olurdular, bu gün bu məsələlər yoxdur. Bu çox böyük uğurdur, insanların orduya olan münasibətinin bariz nümunəsidir. Amma  gələcəkdə, ümumiyyətlə,  bu problemə diqqət çəkmək lazımdır. Fərarilik təkcə orduda xidmət eləyərkən  ordudan yayınmaq deyil, həm də orduda xidmətdən bu və ya digər formada yayınmaqdır.
Bu günlərdə mən bir sıra ölkələrdə təhsillə bağlı məsələləri araşdıranda baxdım ki, Türkiyədə, Ukraynada və digər yerlərdə çox sayda azərbaycanlı  təhsil alır. Məsələn, Türkiyənin bir neçə universitetində 300 azərbaycanlı tələbə təhsil alır. Bunun 280-ni 5 ildir, birinci kursdan yuxarı  keçmir. Araşdırırsan ki, niyə belədir? Deyirlər ki, orada yabançılar üçün ayrıca kontingent ayrılıb, pulunu ödə, 10 illərlə ikinci kursa keçmə. Ordudan, əsgərlikdən yayınmaq üçün xeyli insan bu vasitəyə əl atıb. Burada deputat həmkarım Qüdrət Həsənquliyev də bir dəfə bu məsələni qaldırmışdı.
Ümumiyyətlə, bizim təhsil sistemimizdə bu məsələyə yenidən baxılmalıdır. Onsuz da universitetlərimizin xeyli hissəsi bilik yox, diplom verməklə məşğuldur.  Universitetlərə qəbul sistemini asanlaşdırmaq lazımdır ki, bu pullar Ukraynaya, Türkiyəyə axmasın, övladlarımız  burada təhsil alsınlar, burada oyalansınlar, 5–6 il birinci kursda qalsınlar, heç bir problem yoxdur, həmin pulu Azərbaycan dövlətinə, universitetlərinə ödəsinlər. Bu məsələ üzərinə getmək olduqca vacibdir, çünki çox sayda insan kənarda təhsil üsulundan istifadə edərək orduda xidmətdən yayınma taktikasını özləri üçün məqbul sayırlar və valideynlər də buna şərait yaradırlar. Kimsə də soruşmur ki, sən 10 ildir Türkiyədə nə işlə məşğulsan, niyə gəlib öz ölkəndə orduda xidmət eləmirsən. Buna diqqət ayırmağı təklif edərdim. Çünki bu, fərariliyin başqa forması olduğuna görə ölkəmiz üçün çox aktual, həlli vacib olan bir problem kimi diqqətdə saxlanmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Amma mən bir şeyi qeyd etmək istəyirəm. Siz tələbələrdən danışdınız, mən bilmirəm, bu nə qədər həqiqətə uyğundur, ancaq bu dövr ərzində – aprelin 2–4-də dünyanın hər yerində yaşayan azərbaycanlılar, Rusiyada, Ukraynada, Türkiyədə yaşayan azərbaycanlı gənclərin hamısı ərizə ilə müraciət edirdilər ki, müharibəyə getsinlər. Siz bundan danışın. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr və digər həmkarlar! Mən də son günlər hamımızın gözü qarşısında baş verən, amma təbii səbəblərdən  təsirini öz üzərimizdə eyni dərəcədə hiss etmədiyimiz cəbhədəki hadisələrlə bağlı bir neçə kəlmə danışmaq istəyirəm.  Son iki gündə mənim təmsil etdiyim Tərtər bölgəsində demək olar ki, terrorçulardan, əcnəbi muzdlulardan və bir sıra hallarda hərbi xidmətə yararsızlardan təşkil olunmuş başıpozuq erməni ordusunun yaşayış qəsəbələrini, mülki əhalini atəşə tutması nəticəsində 51 ev, 2 məktəb binası və 1 mağaza dağıdılıb. Bütövlükdə aprelin əvvəlindən indiyə qədər  Tərtərdə 256 ev dağıdılıb ki,  bu, orta səviyyəli bir rayon üçün bir kənd deməkdir. Çox təəssüf ki, bu hadisələrə Minsk qrupuna həmsədrlik edən ölkələr bir növ seyrçi qalır və növbətçi bəyanatlarla kifayətlənirlər. Bu, 49-cu Cenevrə Konvensiyasının kobud şəkildə pozulmasıdır. Bu, habelə Azərbaycan ordusuna haqq verir ki, genişmiqyaslı cavab əməliyyatlarına başlasın. Həm siyasi rəhbərliyin, həm də ordu rəhbərliyinin artıq bununla bağlı bəyanatı var. Sadəcə, Azərbaycan artıq qan tökülməsini istəmir.
Bilirsiniz, son günlər baxıram, bir məsələni xüsusi qabardırlar ki, guya Rusiya tərəfindən bunlara mükafat olaraq, əslində isə ianə olaraq bir T-90 tankı bağışlanıb. Amma erməni tərəfi onu da unutmamalıdır ki, Azərbaycan yüz T-90 tankını satın alıb. Əslində, hər iki ordu arasındakı fərq məhz elə T-90 tanklarının fərqində özünü göstərir. Bir tərəfdə peşəkar ordu,  Azərbaycanın maraqlarını uğurla müdafiə edən Ali Baş Komandan, qətiyyətli siyasi iradəsini ortaya qoyan cənab İlham Əliyev var, digər tərəfdə isə tez-tez bəyanatlarını  dəyişən və bir daha vurğulayıram ki, başıpozuq, ancaq yaşayış qəsəbələrini  atəşə tutanlardan ibarət bir ordu var. Gec-tez hər kəs anlamalıdır ki, bu, savaşa aparıb çıxara bilər və bu savaşda Azərbaycan ordusunun qələbə çalacağı birmənalıdır. Çünki Azərbaycan hərbçisini qarşıda yalnız iki şey gözləyir, ya öz doğma torpağı, ya da peyğəmbər dərgahı. Amma anaların və ataların da vurğuladığı kimi, başqa torpaqlarda vuruşanlar...
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son günlər baş vermiş hadisələrlə bağlı prosesi təhlil etdikdə belə bir qənaətə gəlmək mümkündür ki, əslində, yeni reallıqda beynəlxalq birlik, beynəlxalq ictimaiyyət olduqca müəmmalı bir susqunluq nümayiş etdirməkdədir. Güman edirdik ki,  aprel ayının əvvəllərində baş vermiş məlum hadisələrdən sonra ATƏT-in Minsk qrupu, beynəlxalq birliyin digər üzvləri münaqişənin həlli ilə bağlı prosesdə kəmiyyət fəaliyyətindən keyfiyyət fəaliyyətinə bir keçid edərək  təcavüzkarın cəzalandırılması ilə bağlı gedişlər edəcəklər. Amma təəssüf ki, biz bunun şahidi olmuruq. Məhz elə beynəlxalq birliyin beləcə ikili standartla yanaşmasının, haradasa xristian qardaşlığının nəticəsidir ki, işğalçı rejim olan Ermənistan tərəfi artıq cəzasız qaldığına bir daha əmin olub, son günlər  hədəfə birbaşa  dinc əhalini, yaşayış məntəqələrini alıb. Belə olan vəziyyətdə bu da təəccüb doğurmur ki, bir neçə gün öncə jurnalist Ermənistan prezidentinə sual verəndə ki, cənab prezident, siz nədən indiyə qədər qondarma “Dağlıq Qarabağ Respublikası”nın  müstəqilliyini  tanımamısınız, cavab belə olub: “Bilirsiniz, biz əgər bu respublikanın müstəqilliyini tanısaq, bu, danışıqlardan imtina anlamına gələcək, biz isə danışıqların aparılmasında  maraqlıyıq”. Əgər Ermənistan prezidenti bu gün danışıqlardan imtina etdiyini bütün beynəlxalq birliyə belə açıq şəkildə bəyan edibsə,  bu nə deməkdir? Bu o demək deyilmi ki, onlar qondarma “Dağlıq Qarabağ respublikası”nın  müstəqilliyini  tanımaq istəyirlər? Amma belə bir hal baş verərsə, bu, artıq ATƏT-in Minsk qrupunun fəaliyyətinə, ümumiyyətlə, beynəlxalq birliyin bu istiqamətdə fəaliyyətinə birdəfəlik xitam verilməsi anlamındadır. Bu, artıq münaqişənin həlli ilə bağlı keyfiyyətcə yeni situasiyanın yaranması deməkdir. Bu vəziyyətdə isə artıq sülh və ya müharibə fərziyyəsindən söhbət getmir, söhbət yalnız və yalnız müharibədən gedir. Doğrudanmı hər zaman sülhdən dəm vuran  beynəlxalq birlik bu gün müharibənin başlanmasında maraqlıdır? Bu sual açıq qalır.
Amma bir sual heç bir zaman açıq deyil. Azərbaycan dövləti, Azərbaycan ordusu və Ali Baş Komandan birmənalı şəkildə hər zaman deyib ki, biz münaqişənin dinc yolla, sülh yolu ilə həllində maraqlıyıq. Lakin hər şeyin limiti olduğu kimi, danışıqların da limiti olmalıdır və Azərbaycan öz əraziləri üzərində suveren hüquqlarının bərpası üçün bütün vasitələrdən, eyni zamanda, güc tətbiqindən istifadə etmək hüququna malikdir. BMT Nizamnaməsinin məlum 51-ci maddəsi bizə bu səlahiyyəti verir, bizim kollektiv müdafiə hüququmuz var və bundan da hər zaman istifadə edə bilərik.
Sədrlik edən. Sağ olun. Artıq yarım saatdır müzakirə edirik, Bahar xanıma da söz verək, sonra müzakirələri bitirək.
B.Muradova.  Təşəkkür edirəm, Oqtay müəllim. Mən bir həqiqəti vurğulamaq istəyirəm ki, Azərbaycan dövlətinin BMT-nin və digər beynəlxalq təşkilatların müəyyənləşdirdiyi, ölkələrin üzərinə düşən öhdəlik, hüquq və vəzifələrin hansını nə zaman icra etməsinə haqqının olduğu barədə şübhəsi  yoxdur və biz heç kimə sübut etməli deyilik, bizim nəyə haqqımız var, nəyə yox. Bunu beynəlxalq hüquq müəyyən edib. Ölkələrin həm vəzifələri, həm də öhdəlikləri var. Öhdəliklər həm daxili, həm də beynəlxalq xarakter daşıyır. Əlbəttə, hər bir dövlətin,  hər bir iqtidarın ilk öhdəliyi vətəndaşlarının, təmsil etdiyi xalqın təhlükəsizliyini, onun əmin-amanlıq şəraitində yaşamasını təmin etməkdir. Azərbaycan dövləti də bunu etmək üçün  öz vəzifə və hüquqlarını çox gözəl bilir və zamanında tarazlaşdırılmış şəkildə bu addımları atır.
Bu gün bizim müşahidə etdiyimiz nədir? Müşahidə etdiyimiz odur ki, təkcə ölkədə yox, həm də beynəlxalq aləmdə, əlbəttə, reallıqlar, münasibətlər, yanaşmalar dəyişməkdədir. Bəzi hallarda onların ifadə və təzahür forması bizi qane etməsə də, şüurlarda, düşüncələrdə, yanaşmalarda bu dəyişikliyi biz hiss etməkdəyik. Bunu üzləşdiyimiz, iştirak etdiyimiz beynəlxalq təşkilatlarda insanlar bizə söyləyirlər, bunu bizə tədbirlərin əhvali-ruhiyyəsi deyir.
Biz bu yaxınlarda Almaniyanın təşəbbüsü ilə, – bilirsiniz, o, ATƏT-in fəaliyyətdə olan sədridir, – bir tədbirdə iştirak etdik. Bu tədbir  münaqişələrin həllində Almaniyanın təcrübəsinin, beynəlxalq təcrübələrin öyrənilməsi məsələsinə həsr olunmuşdu. Söyləməliyəm ki, iki gün ərzində söhbət əvvəldən sona qədər yalnız Dağlıq Qarabağ, baş verən aprel hadisələri, mövcud vəziyyət və ondan çıxış yollarına həsr olunmuşdu. Mən ilk dəfə idi ki, – neçə illərdir xaricə səfərlər edirəm, tədbirlərdə iştirak edirəm, – öz dövlətimin, onun qüdrətinin və gücünün doğurduğu əminliyi tam mənasında hiss edirdim. Bunu tək mən deyil, mənimlə birlikdə orada iştirak eləyən həmkarlarım da söyləyə bilərlər və bu əminlik, əlbəttə, bizə güc, inam verir və bu gücün, inamın doğurduğu məsuliyyətlə də fəaliyyət göstərməliyik və cənab Sədrin söylədiyi istiqamətdə vəzifələrimizi düzgün müəyyənləşdirməli və yaranmış bu mühitdən səmərəli və faydalı istifadə eləməliyik.  Əlbəttə, daha çox vurğulamaq istədiyim xalqın özünə qayıtmış inamıdır, gücüdür. Bir xalq, bir dövlət özünə,  gücünə,  qüdrətinə inanırsa, o, qarşısında dayanan bütün hədəflərə çatacaqdır.
Bu günlər ərzində xalqımızın göstərdiyi dəyanət, əzm, ayrı-ayrı nümayəndələrimizin, gəncliyimizin göstərdiyi cəsarət və fədakarlıq, o cümlədən yüksək vətənpərvərlik hissi belə deməyə imkan verir  ki, biz Azərbaycan ərazisinin bütövlüyünü  və sərhədlərimizin bölünməzliyini təmin edəcəyik. Bu inam, əlbəttə, orduya olan inamdır, dövlətə olan inamdır, xalqın öz gücünə, öz potensialına, öz  cəsarətinə olan inamdır. Biz bəzi çağırışlar edirik, əlbəttə, parlamentarilərin işi məsələlərə münasibət bildirmək, çağırışlar etmək, bu və ya digər sənədləri, qətnamələri qəbul etməkdir. Düzdür, bunları həyata keçirmək hökumətlərin və dövlətlər birliyinin üzərinə düşür. Amma biz bu çağırışlarımızda  bir az dəqiq olmalıyıq. Biz beynəlxalq təşkilatları, ayrı-ayrı ölkələri, Minsk qrupunun həmsədrlərini çağırırıq ki, Azərbaycanın yanında olsunlar, Azərbaycana dəstək versinlər. Mən hesab edirəm ki, çağırışlarımızın ruhu fərqli olmalıdır. Biz ona çağırmalıyıq ki, siz ədalətin, haqqın yanında olun, beynəlxalq hüququ müdafiə edin, siz xalqların və dövlətlərin  sülh şəraitində yanaşı yaşaması üçün qəbul edilən sənədlərin ruhunu müdafiə edin və belə çıxmasın ki, biz yalnız münaqişə tərəflərindən birinin marağını ifadə edirik.
Biz bu gün dünyada əmin-amanlığın, sülhün ədalətli təmin  olunmasını tələb edirik və onun da içərisində, əlbəttə, Azərbaycanın maraqları vardır. Mən tərəfdarıyam ki, biz nümayəndə heyəti olaraq, dostluq qruplarının rəhbəri olaraq beynəlxalq təşkilatlarda fəaliyyətimizi daha çox genişləndirməliyik və bu gün Azərbaycanın gördüyü haqq işinin informasiya təminatını təmin etməliyik. Burada da mətbuatın üzərinə çox böyük vəzifə düşür. Mən bunu bir neçə dəfə demişəm, yenə də deməyə məcburam, çünki  bəzi hallar baş verir, bu da bizi deməyə vadar edir. Azərbaycan ordusu, onun hərbi sursatı, texniki avadanlığı, imkanları, bizim bölmələrimizin hansı bölgədə hansı işi gördüyü, neçə ev dağıdıldığı, tutaq ki, neçə atəş nöqtəsinin susdurulduğu  barədə məlumatları qərara almışdıq ki, Müdafiə Nazirliyi verəcək və biz də ona istinad edərək xəbərlərimizi, fikirlərimizi  buna uyğun ifadə edəcəyik.
Əlbəttə, bizim hər birimizin ürəyindən keçir ki, təmas xəttinə gedək, əsgərlərlə səngərlərdə görüşək, onlarla şəkil çəkdirək, bayrağımızın dirəyindən yapışıb selfi çəkdirək. Bunları eləyə bilərik, eləməliyik, amma bəlkə də bu, bu günün vəzifəsi deyil. Ona görə də mən  təmas xəttində olan insanların xahişlərini ikinci dəfə bu tribunadan səsləndirərək sizə çatdırmaq istəyirəm. Onlar xahiş  edirlər ki, biz  imkanlarımız daxilində olan,  gücümüz çatan  daha genişmiqyaslı işlərlə məşğul olaq. Əlbəttə, bu işin qüruru, fəxarəti bizim hər birimizindir, amma bizim qarşıda görəcəyimiz çox böyük işlər vardır. Ona görə ölkə Prezidentinin, Ali Baş Komandanın yeritdiyi siyasətə bütün mənalarda dəstək olmalıyıq. Bir millət vəkili olaraq həm ölkə içərisində, həm də beynəlxalq aləmdə Azərbaycan həqiqətlərinin  indiki məqamda bizim gördüyümüz işə dəstək ola biləcək formasını seçməli, yeni mexanizmlər tapmalı və bütün əlaqələrimizdən bu həqiqətlərin doğru-düzgün qəbul olunması istiqamətində istifadə etməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gündəliyin birinci məsələsinə keçirik. İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatı haqqında. Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini Vilayət Eyvazov, buyurun. 
V.Eyvazov, Azərbaycan Respublikası daxili işlər nazirinin birinci müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son illər dünyada baş verən  maliyyə-iqtisadi böhranın dərinləşməsi, silahlı münaqişələrin davam etməsi və yeni qarşıdurma ocaqlarının yaranması idarə olunmayan miqrant axınının humanitar faciə həddinə çatmasına, nəticə etibarilə həm də insan alverinin miqyasının əhəmiyyətli dərəcədə genişlənməsinə gətirib çıxarmışdır. Birləşmiş Millətlər Təşkilatının hesabatına əsasən ötən il təxminən 21 milyon nəfər müasir köləliyin qurbanı olmuşdur. Bu növ cinayətlərin strukturunda qadınların cinsi istismarı məqsədi ilə alqı-satqısı daha çox nəzərə çarpmaqla xüsusi çəkisi 53 faiz təşkil etmişdir. Məcburi əmək hallarının sayı da xeyli, təqribən 40 faiz artmış və hazırda ağır sosial-iqtisadi  vəziyyət səbəbindən öz daimi yaşayış yerini tərk edən daha 60 milyon şəxs risk qrupuna daxildir.
Göstərilənlər baxımından insan alverinə qarşı mübarizədə mütərəqqi və məqsədyönlü siyasət reallaşdıran ölkəmizdə müvafiq proqram vəzifələrinin icrası 2015-ci ildə də davam etdirilmişdir. Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014–2018-ci illər üçün illik fəaliyyət planı rəhbər tutularaq qanunvericiliyin təkmilləşdirilməsi, profilaktik işin gücləndirilməsi, cinayət təqibinin həyata keçirilməsi, qurbanların reabilitasiya və inteqrasiyası, müdafiəsi, fəaliyyətin əlaqələndirilməsi, beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsi və maarifləndirmə işinin təşkili ilə əlaqədar zəruri tədbirlər görülmüşdür. İlk növbədə qeyd edim ki, Azərbaycanın “İnsan alverinə qarşı mübarizə haqqında” Avropa Şurası Konvensiyasından irəli gələn öhdəliklərinin yerinə yetirilməsi məqsədi ilə qanunvericiliyin təkmilləşdirilməsi təmin olunmuşdur. Konkret olaraq Nazirlər Kabinetinin qərarları ilə təsdiq edilmiş 5 hüquqi akta qurbanlara yardım üçün ayrılan vəsaitin idarə olunmasında və xərclənməsində şəffaflığın təmini, qurbanlar üçün xüsusi müəssisələrin fəaliyyətinin təşkilinə qeyri-hökumət təşkilatlarının cəlb edilməsi, əməkçi miqrantların müdafiə tədbirləri ilə əhatə olunması məsələlərini tənzimləyən yeni normalar əlavə edilmişdir.
Cinayət, Cinayət-Prosessual, İnzibati Xətalar, Əmək və Miqrasiya məcəllələrinə, bütövlükdə 7 qanunvericilik aktına dəyişiklik edilməsi ilə bağlı layihələr hazırlanıb  hökumətə təqdim olunmuşdur. Hazırda “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiya edilməsi ilə bağlı zəruri tədbirlər görülür. İnsan alverinə qarşı qeyri-hökumət təşkilatları koalisiyasında birləşən 44 ictimai qurum, həmçinin milli fəaliyyət planının iştirakçısı olan prokurorluq orqanları, Daxili İşlər, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi, Səhiyyə, Gənclər və İdman, Təhsil, Mədəniyyət və Turizm nazirlikləri, Dövlət Sərhəd Xidməti, Gömrük, Ailə, Qadın və Uşaq Problemləri üzrə dövlət komitələri insan alverinin mahiyyətinin doğurduğu təhlükələr barədə ictimaiyyətin maarifləndirilməsi işinə böyük maraq və həssaslıqla yanaşmış, hər birinin fəaliyyəti səmərəli olmuşdur. Belə ki, Bakı şəhəri və respublikanın bölgələri üzrə 58 təhsil müəssisəsində müəllim və tələbələr, 53 şəhər və rayonda isə hüquq mühafizə və yerli icra hakimiyyəti orqanlarının, tibb, təhsil, uşaq və gənclər, sosial müdafiə qurumlarının və məşğulluq mərkəzlərinin işçiləri, sahibkarlar və kütləvi informasiya vasitələrinin nümayəndələri ilə görüşlər keçirilmişdir.
Sərhəd nəzarəti məntəqələrində, hava və dəniz limanlarında, dəmir yolu vağzallarında Azərbaycan, rus və ingilis dillərində insan alveri diskləri, bu növ təhlükə ilə üzləşən əcnəbilərin müraciət etməli olduqları yerlərə dair bukletlər paylanılmış, video materiallar nümayiş etdirilmişdir. Bakı, Şirvan, Şəki, Xaçmaz, Quba şəhər və rayonlarında ictimaiyyətin nümayəndələrinin iştirakı ilə miqrantların hüquq və azadlıqlarının qorunması, əmək və cinsi istismar məqsədli insan alverinin qarşısının alınması, onun doğurduğu təhlükələr mövzusunda seminarlar keçirilmişdir. Bakı şəhərinin hər bir rayonunda yüzlərlə məktəblinin iştirakı ilə internet təhlükəsizliyi, uşaq əməyinin istismarının qarşısının alınması üzrə təlimlər, dəyirmi masa və konfranslar təşkil edilmişdir. Bununla yanaşı, ümumtəhsil məktəblərinin yuxarı siniflərində insan alveri, qanunsuz miqrasiya, uşaq hüquqlarına dair mövzular tədris olunmuşdur.
Həyata keçirilmiş hər bir tədbir barədə məlumat ictimaiyyətə çatdırılması üçün İnsan alverinə qarşı mübarizə baş idarəsinin və aidiyyəti dövlət qurumlarının internet səhifəsində yerləşdirilmişdir. Bu sahədə kütləvi informasiya vasitələrinin imkanlarından da səmərəli istifadə olunmuşdur. Görülən işlər, əldə edilən nəticələr respublikanın müxtəlif telekanallarında və mətbuatda işıqlandırılmış, insan alverinin fəsadlarından bəhs edən sosial reklamlar yayımlanmışdır.
Səmərəli fəaliyyətinə görə Daxili İşlər Nazirliyi tərəfindən 16 qeyri-hökumət təşkilatı mükafatlandırılmışdır. Eyni zamanda, onların insan alverinə qarşı mübarizəyə dair təqdim etdikləri 99 min manat dəyərində 11 layihə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilmişdir. İnsan alverinin və məcburi əməyin qurbanlarının müəyyən edilməsi və onlara yardım göstərilməsi işində peşəkarlığın artırılması məqsədi ilə xüsusi polis qurumunun nümayəndələri 40-dan çox seminar, konfrans və təlimdə, habelə ixtisasartırma kurslarında iştirak etmişlər.
Milli fəaliyyət planına əsasən insan alveri cinayətlərinin hüquqi məqamları, kriminoloji xüsusiyyətləri, qarşısının alınması və açılmasının taktikası xüsusi proqram əsasında Polis Akademiyasında, Dövlət Gömrük Komitəsinin, Dövlət Miqrasiya və Dövlət Sərhəd xidmətlərinin təlim mərkəzlərində tədris olunmuşdur. Hesabat dövründə digər dövlətlər, xüsusən təyinat və mənbə ölkələrinin əlaqədar orqanları və müvafiq beynəlxalq təşkilatları ilə əməkdaşlığın gücləndirilməsi tədbirləri də davam etdirilmişdir. 40-a yaxın ölkənin aidiyyəti dövlət qurumları ilə mövcud olan sazişlər çərçivəsində zəruri tədbirlər həyata keçirilmiş, onlardan və ayrı-ayrı beynəlxalq təşkilatlardan daxil olmuş sorğular cavablandırılmışdır.
Milli koordinator və xüsusi polis qurumunun rəhbərliyi tərəfindən ATƏT-in İnsan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və Bakı layihə əlaqələndiricisinin, Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinin, Amerika Birləşmiş Ştatlarının Ədliyyə Departamentinin və ölkəmizdəki səfirliyinin, Dünya ümummilli humanitar təşkilatının, Mərakeş Krallığının, Daxili İşlər Nazirliyinin nümayəndələri ilə işçi görüş keçirilmişdir. Azərbaycanın xarici dövlətlərdəki diplomatik nümayəndəlikləri və konsulluqları akkreditasiya olunduqları ölkələrin insan alverinə qarşı mübarizə strukturları ilə əməkdaşlığın gücləndirilməsi, qurbanların ölkəyə qayıtmalarına yardım göstərilməsi və bunun üçün lazımi sənədlərlə təmin edilməsi istiqamətində davamlı iş aparmış, vətəndaşlarımızın üzləşdiyi problemlər barədə aidiyyəti dövlət qurumlarını məlumatlandırmışlar.
İnsan alverinin  və məcburi əməyin qurbanlarının müəyyən edilməsi sahəsində peşəkarlığın artırılması məqsədi ilə xüsusi polis qurumunun, eləcə də digər dövlət orqanlarının əməkdaşları beynəlxalq təşkilatların keçirdikləri layihələr formatında Amerika Birləşmiş Ştatlarında, Fransa, Avstriya, Belçika, Serbiya, Birləşmiş Ərəb Əmirlikləri, Rusiya və digər dövlətlərdə təcrübə mübadiləsinə cəlb olunmuş, tədris kurslarında isə təlimçi qismində iştirak etmişlər. Qeyd olunmalıdır ki, məcburi əməyin qarşısının alınması məqsədi ilə qurbanların və potensial qurbanların müəyyən edilməsi üzrə həyata keçirilən məqsədyönlü fəaliyyət həmin hüquqazidd əməlin ölkəmizdə geniş yayılmasının qarşısını almışdır. Paytaxtda və respublikanın ayrı-ayrı rayonlarında yerləşən tikinti sahələrində və istehsal müəssisələrində keçirilmiş tədbirlərdə 8 məcburi əmək cinayəti müəyyən olunmuşdur.
Dövlət Miqrasiya Xidməti tərəfindən aparılmış yoxlamalarda əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin işə götürülməsi qaydalarının pozulması ilə əlaqədar 159 inzibati xəta aşkarlanmış, əmək qanunvericiliyinin tələblərini pozan 1169 əcnəbi və vətəndaşlığı olmayan şəxs məsuliyyətə cəlb edilmişdir. Ərazi polis orqanları tərəfindən keçirilən reydlər zamanı təkcə ötən il küçə həyatına məruz qalan, o cümlədən dilənçilik edən 450 azyaşlı müəyyən olunmuşdur. Müvafiq yoxlamalarla həmin uşaqların insan alverinin və məcburi əməyin qurbanı olmaması qeyd edilmişdir. Bununla belə uşaqlara qayğı və yardımların göstərilməsi, sosial problemlərin həlli ilə əlaqədar yerli icra hakimiyyətləri yanında fəaliyyət göstərən komissiyalara, qəyyumluq və himayədarlıq strukturlarına baxılması üçün 272 material göndərilmiş, eləcə də övladlarını hüquqazidd əməllərə cəlb edən 200-dən artıq valideyn barəsində inzibati məsuliyyət tədbirləri görülmüşdür. Müxtəlif səbəblərdən ailə və pedaqoji təsir vasitələrindən kənarda qalan 120 uşağa və onların valideynlərinə uşaq hüquqları klinikasında, uşaq və gənclərin sosial reabilitasiyası mərkəzində hüquqi, psixoloji və digər yardımlar göstərilmişdir.
Həyata keçirilmiş əməliyyat və profilaktik tədbirlər nəticəsində 2014-cü illə müqayisədə hesabat dövründə 22 faiz çox və ya 108 insan alveri, 8 məcburi əmək, həmçinin insan alveri məqsədi ilə sənədlərlə qanunsuz hərəkətlərə dair 11 fakt aşkarlanmışdır. Bu əməllərə görə 38 şəxs cinayət məsuliyyətinə cəlb edilmiş, 13 cinayətkar qrup və 1 mütəşəkkil dəstə zərərsizləşdirilmişdir. Müvafiq cinayətlərə görə 24 şəxs məhkəmə məsuliyyətinə verilmişdir ki, onlardan da 17 nəfəri 5 ildən 10 ilədək müddətə azadlıqdan məhrum olunmuşdur. Beynəlxalq axtarışa verilmiş  təqsirləndirilən şəxslərdən 9-nun yeri İnterpol xətti ilə müəyyən olunaraq istintaq orqanlarına təhvil verilmiş və hazırda 22 nəfərin axtarışı davam etdirilir. Müəyyən olunmuş 63 qurbandan 38-i Türkiyə Respublikasına, 8-i Birləşmiş Ərəb Əmirliklərinə, 3-ü Rusiya Federasiyasına aparılmış, 14 nəfər, o cümlədən 7 əcnəbi ölkə daxilində istismara məruz qalmışdır. Qurbanlardan 51-i sığınacaqlara yerləşdirilmiş, hər birinə zəruri yardımlar edilmiş və təhlükəsizliyi təmin olunmuşdur. Bütövlükdə 63 qurbana birdəfəlik müavinət verilmiş, 42-nə kömək fondu tərəfindən maddi yardım göstərilmiş, 22-i işlə təmin edilmiş, 31-i peşə kurslarına göndərilmişdir. Görülmüş tədbirlər nəticəsində 31 qurban ailəsinə qayıtmış, sosial xidmətlə əhatə olunması üçün 51 qurban qeyri-hökumət təşkilatlarına istiqamətləndirilmişdir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında İnsan alveri qurbanları üçün yardım mərkəzi tərəfindən 56 qurbana hüquqi və psixoloji yardım edilmiş, 16 qurbana Səhiyyə Nazirliyinin müəssisələrində xüsusi tibbi xidmət göstərilmiş, daha 13-ü şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmuşdur. Qurbanların himayəsində olan 29 azyaşlı müxtəlif təhsil proqramlarına cəlb edilmiş, 2 uşağın atalığı müəyyən edilərək alimentlə təmin olunmasında, 11-nə doğum şəhadətnaməsinin alınmasında köməklik göstərilmiş, 7-i müvəqqəti sığınacağa yerləşdirilmişdir. Qurbanların təkcə sosial reabilitasiyasına, o cümlədən sığınacaqlarda saxlanılmasına və onlara birdəfəlik müavinətlərin verilməsinə Daxili İşlər Nazirliyinin büdcəsindən 165 min manat ayrılmış və bu məbləğ tam şəkildə təyinatı üzrə istifadə olunmuşdur.
Bütün bunlarla bərabər insan alveri cinayətlərinin profilaktikası çərçivəsində ictimai mənəviyyat əleyhinə olan 210 cinayət aşkarlanaraq 107 nəfər məsuliyyətə cəlb edilmişdir. İnsan alveri, əxlaqsızlıq yuvaları saxlama, xarici ölkələrdə işədüzəltmə, təhsil, əcnəbilərlə nikahdan  ortaya çıxan problemlər və sair məsələlərlə əlaqədar qaynar xətt telefon xidmətinə daxil olmuş 13 mindən çox müraciət araşdırılmış və hər biri üzrə qanunvericiliyə uyğun tədbirlər görülmüşdür. Xüsusi qeyd etmək istərdim ki, milli fəaliyyət planı ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsində prokurorluq və məhkəmə orqanları, Ombudsman Aparatı, Vəkillər Kollegiyası və Mətbuat Şurası yaxından iştirak etmiş, şəhər və rayonların yerli icra hakimiyyətləri təbliğat işlərinin təşkil olunmasına lazımi dəstək göstərmişlər.
Hörmətli millət vəkilləri, bu gün insan alverinə qarşı mübarizədə Azərbaycan təcrübəsi bir çox ölkələr tərəfindən diqqət mərkəzindədir və görülən işlər əksər nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən hazırlanmış hesabat və rəylərdə yüksək qiymətləndirilir. ATƏT-in insan alveri ilə mübarizə üzrə xüsusi nümayəndəsi və əlaqələndiricisinin ölkəmizə səfərinin yekunları ilə əlaqədar dərc edilmiş mətbuat relizində insan alverinə qarşı mübarizədə əldə olunan nəticələr yüksək dəyərləndirilir. Yeni milli fəaliyyət planında əmək istismarı ilə mübarizəyə geniş yer verilməsi və bu sahədə fəal iş aparılması xüsusi vurğulanmışdır. Ötən ilin sonunda respublikanın səlahiyyətli dövlət qurumlarının beynəlxalq və qeyri-hökumət təşkilatlarından olan nümayəndələrin iştirakı ilə Bakı şəhərində keçirilən tədbirində Avropa Şurasının “İnsan alverinə qarşı mübarizə haqqında” Konvensiyasının Tərəflər Komitəsi Azərbaycanın həmin beynəlxalq sənəddən irəli gələn öhdəlikləri yüksək səviyyədə yerinə yetirdiyini qeyd etmişdir. Amerika Birləşmiş Ştatlarının Dövlət Departamentinin 2015-ci il üçün yayımladığı növbəti illik hesabatın Azərbaycana dair hissəsində qanunvericiliyin təkmilləşdirilməsi, keçirilən maarifləndirmə tədbirləri, insan alverinin və məcburi əməyin qarşısının alınması, qurbanların müdafiəsi, onlara yardım göstərilməsi sahələrində inkişafın əldə edilməsi və sair məsələlər müsbət qiymətləndirilmişdir.
Bu gün elə bir ölkə və ya region yoxdur ki, orada insan alveri cinayətlərinin baş vermədiyini əminliklə demək mümkün olsun. Məlumdur ki, insan alveri problemi mütəşəkkil cinayətkarlığa qarşı mübarizədə hər bir dövlətin məsuliyyəti, qanunun aliliyi, insan hüquqlarının ciddi müdafiəsi, etibarlı tərəfdaşlıq münasibətləri olmadan öz həllini tapa bilməz. Məhz bu prinsiplər rəhbər tutularaq ölkəmizdə insan alverinin bütün formalarının aradan qaldırılması üzrə qarşıya qoyulmuş vəzifələr aidiyyəti dövlət orqanları və vətəndaş cəmiyyəti ilə birgə ardıcıllıqla yerinə yetirilir. Transmilli mütəşəkkil cinayətkarlığa, o cümlədən onun təhlükəli növlərindən olan insan alverinə qarşı mübarizə işinə dövlət səviyyəsində göstərilən diqqət, xüsusən milli fəaliyyət planından irəli gələn mühüm tədbirlərin həyata keçirilməsinə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən verilən böyük siyasi dəstək müvafiq sahədə strateji vəzifələrin uğurlu icrası və fəaliyyət standartlarının daha da yüksəldilməsi üçün etibarlı təminat yaratmışdır. Bu baxımdan növbəti hesabat dövründə insan alverinə qarşı mübarizəyə dair qanunvericiliyin və cinayət təqibinin təkmilləşdirilməsi, məcburi əməyin bütün formalarının qarşısının alınması, hüquqi, siyasi və sosial-iqtisadi tədbirlərin məqsədyönlü icrası davam etdiriləcəkdir. Vətəndaş cəmiyyəti və beynəlxalq təşkilatlar ilə əlaqələrin genişləndirilməsi, risk qrupuna aid şəxslərin məlumatlandırılma tədbirləri ilə tam əhatə olunması, kütləvi informasiya vasitələrinin, özəl sektorun, internet şəbəkəsinin imkanlarından geniş istifadə edilməsi, bütövlükdə insan alverinə qarşı mübarizənin yeni keyfiyyət səviyyəsinə qaldırılması da qarşıda duran əsas vəzifələrdən biri olaraq qalır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda insan alveri ilə mübarizənin hüquqi bazasının təkmilləşdirilməsində,  bütövlükdə bu mühüm sahədə dövlət siyasətinin həyata keçirilməsində bilavasitə iştirak etdiyinizə, işgüzar və səmərəli əməkdaşlığınıza  görə sizə, həmçinin vətəndaş cəmiyyətlərinə və media nümayəndələrinə dərin minnətdarlığımı bildirirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, xahiş edirəm, əyləşin. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, hörmətli Sədr. Bu istiqamətdə istər Avropa Şurası Parlament Assambleyasının, istərsə də ATƏT Parlament Assambleyasının sənədləri ilə tanış olanda Azərbaycanda son illərdə insan alverinə qarşı mübarizə istiqamətində atılan addımların nə qədər səmərəli olduğunu və həmin qurumlar tərəfindən də dəstəkləndiyini görürük. Öz müşahidələrimiz də göstərir ki, qaynar xətt sisteminin kifayət qədər mükəmməl çalışması bu sahədə yaranan müəyyən problemlərin həllinə imkan yaradır. Təbii ki, bu istiqamətdə hörmətli Vilayət müəllimin koordinator kimi təşkilatçılıq qabiliyyəti də xüsusi rol oynayır, çünki bu qurumların böyük əksəriyyətinin həmin prosesə cəlb olunmasında müəyyən çətinliklər var. Hər kəs öz funksiyasını eyni qaydada, eyni həvəslə yerinə yetirməyə çox vaxt maraqlı olmur. Ona görə də bunu sistemə salmaq özü gələcəkdə bu sahədə olan nöqsanların azalmasına xidmət edir. Digər tərəfdən mən qeyd etmək istəyirəm ki, bizim həmkarımız hörmətli Azay müəllimin insan alverinə qarşı mübarizə aparan qeyri-hökumət təşkilatlarına olan xüsusi diqqəti burada vurğulanmalıdır, çünki 100 minə yaxın bir vəsaitin həmin vətəndaş cəmiyyəti institutlarına ayrılması bu sahəyə daha çox vətəndaş cəmiyyəti təşəbbüslərinin cəlb olunmasına imkan yaradır.
Bununla belə  insan alverinə qarşı mübarizədə məlumatda da göstərildiyi kimi, həm də məcburi əməyə qarşı daha çox diqqət artırıldığına işarələr var. Çünki hər dəfə “insan alveri və məcburi əməyə qarşı” ifadələrinə rast gəlirik. Burada bir çox işlər görülməklə yanaşı, mən hesab edirəm ki, müəyyən təşəbbüslər və təkliflər daha operativ şəkildə diqqətə alınaraq həllini tapmalıdır. Məsələn, qeyd olunur ki, 400 azyaşlı uşaq ötən il dilənçiliyə  və ya qeyri-qanuni qulluğa cəlb olunmuşdur və bunların da böyük əksəriyyətinin insan alverinin və ya məcburi əməyin qurbanı olması təsdiqlənməyibdir. Təbii ki, bu təsdiqlənməsə də, evlərdə, kəndlərdə, ayrı-ayrı diqqətdən kənarda olan yerlərdə yüzlərlə belə uşaq, hətta valideyn himayəsi altında olan uşaqlar təhsildən yayınaraq daha çox məcburi əməyə cəlb olunurlar. Sadəcə, valideynin himayəsi altında yaşadığına görə, çox vaxt bu, diqqətdən yayınır. Daha çox diqqəti cəlb edənlər küçədə dilənçiliklə məşğul olan uşaqlar olur. Ona görə də bu məsələyə xüsusi fikir vermək lazımdır, çünki sabah bunlar insan alveri qurbanlarına çevrilə bilərlər. Bunlar potensial məcburi əməyə cəlb olunanlardan ola bilərlər.
O baxımdan, burada da qeyd olunduğu kimi, milli koordinatorun rəhbərliyi ilə hazırlanan sənədlər himayədarlıq və qəyyumluq orqanlarına, müvafiq icra hakimiyyətlərinin komissiyalarına göndərilir. Burada da qeyd olundu ki, 272 belə material göndərilibdir. Amma mütləq bu materialların nə dərəcədə yerinə yetirilməsi və problemin həlli istiqamətində alınan qərarlar təqib olunmalıdır. Burada mən çox istərdim, bu, qeyd olunsun. Bizim də müvafiq orqanların bu məsələyə nə qədər məsuliyyətli yanaşması haqqında  ən azı məlumatımız olsun. Əgər 272 iş göndərilibsə, bu göndərilən işlərə məsuliyyətlə yanaşılması,  qəyyum və himayəçinin təyin olunması,  uşaqların, doğrudan da, küçələrdən yığışdırılması, dilənçiliklə məşğul olmasının qarşısının alınması istiqamətində real iş görülməsi barədə bilgilərimizin olması olduqca vacibdir.
Burada fürsətdən istifadə edib bir məsələni də qeyd etmək istəyirəm. Bu məsələni mən dəfələrlə qaldırmışam. Hörmətli nazirimiz Ramil Usubov da, Vilayət müəllim də istərdim ki, bu məsələ ilə bağlı daha dərindən maraqlansınlar. Türkiyədə 2000-dən artıq azərbaycanlı uşaq valideynləri qeyri-qanuni miqrant olaraq oraya çalışmağa getdiklərinə görə  İstanbulda və ona yaxın şəhərlərdə yaşayır və bunlar sənədləri olmadığına görə təhsil hüququndan məhrumdurlar. Siz təsəvvür edin ki, Suriyadan 3 milyona yaxın, təqribən 2 milyon 600 min  civarında qaçqın Türkiyəyə gəlibdir. Bu gələn qaçqınların uşaqlarının 85 faizi Türkiyənin rəsmi  məlumatlarına görə təhsilə cəlb olunubdur, yəni Suriyadan gəlib qaçqın kimi orada yaşayan uşaqlar təhsilə cəlb olunublar. Amma 2 mindən artıq azərbaycanlı uşaqdan orada 150-yə yaxını İranın dini cərəyanlarının təsiri ilə artıq İrana göndərilib-dir. Sabah Azərbaycan dövlətinə qarşı yetişdirilənlər öz övladlarımız olacaqlar. Ona görə bu məsələ ilə bağlı hansısa bir yol tapılmalıdır, oraya komissiya göndərilməlidir, onların valideynləri təbii ki, ölkəyə qayıda bilməzlər, amma onlara müvəqqəti şəxsiyyət vəsiqəsimi, hansısa bir sənəd təqdim edərək uşaqların kimliyinin tanınmasını və onların Türkiyənin təhsil sis-temində təhsilə cəlb olunmasını təmin etmək lazımdır. Bu, gələcəkdə potensial insan haqları qurbanlarının qarşısının alınması üçün bizim edə biləcəyimiz ən vacib işlərdən biri ola bilər. Mən düşünürəm ki, – təkcə Türkiyədən söhbət getmir, – eyni zamanda, Rusiyada, İranda və başqa yerlərdə də olan, təhsil adı ilə bu ölkələrə aparılan, yaxud da başqa adlarla  məcburi əməyə cəlb olunmaq üçün aparılan insanların da müəyyən dərəcədə aşkar olunub onlara köməklik göstərilməsi olduqca vacib addımlardandır. Mən hesab edirəm ki, bu gün təqdim olunan bu məlumat kifayət qədər dolğun və  insan alverinə qarşı mübarizənin bütün məqamlarını əhatə edən bir fəaliyyəti əks etdirir. Bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlarımıza uğurlar arzulayıram. Biz də millət vəkilləri olaraq bu istiqamətdə istənilən fəaliyyəti dəstəkləməyə hazırıq. Diqqətinizə görə sağ olun. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, mən də həmkarım Fazil Mustafanın dediklərinə qoşularaq bu məlumatı təqdirəlayiq hesab edirəm. Burada ətraflı şəkildə verilən məlumat bizə həm də yazılı şəkildə təqdim olundu. Ümumilikdə Azərbaycanda gedən  proseslərlə bağlı istənilən şəxsin və  millət vəkilinin geniş şəkildə məlumatı var. Çünki  biz bu cəmiyyətdə yaşayırıq, cəmiyyətdə baş verən hadisələr haqqında mətbuat orqanlarından, kütləvi informasiya vasitələrindən, saytlardan məlumatlar alırıq, eşidirik və buna qarşı aparılan mübarizənin bilavasitə şahidiyik. Bu sahədə milli koordinatorun fəaliyyətini çox yüksək qiymətləndirirəm və gələcəkdə də bu işlərdə ona uğurlar arzulayıram.
Bu məsələ ilə əlaqədar bir neçə təklifim var. Burada da qeyd olundu, təbii ki, dünyada baş verən hadisələr bu sa-hədə istər-istəməz bizə də təsir etməkdədir. Dünyada baş verən qaçqın axını, müharibələr, iqtisadi böhran istər-istəməz insan alverinin çiçəklənməsinə xidmət edən  amillərdəndir. Azərbaycan da bundan kənarda deyil, yəni Azərbaycan da dünyanın bir hissəsidir və istər-istəməz bu məsələlərdə də Azərbaycana təsir mexanizmi ola biləcək. O baxımdan mən bilmirəm, bu sahədə təxminən nə qədər insan fəaliyyət göstərir. Amma hesab edirəm ki, milli koordinatorun ətrafında olan insanların sayı çoxaldılmalıdır və həmin insanlar mütəmadi olaraq bu nəzarəti gücləndirməlidirlər.
Burada uşaq hüquqlarından danışıldı,  uşaqların məcburi əməyə cəlb olunmasından danışıldı, uşaqların məcburi dilənçiliyə vadar edilməsindən danışıldı. Təbii ki, gündəlik həyatda biz bu hallarla rastlaşırıq. Düzdür, hüquq mühafizə orqanları bunlara qarşı ciddi şəkildə mübarizə aparır, amma orada ki gəlir var, orada mütləq bunlar ortaya çıxmalıdır. Ya gecələr, ya da gündüzlər baxırsan ki,  bunlar ortada gəzirlər və bunların qarşısının alınması üçün mən hesab edirəm, işçilərin sayı artırılsa, daha yaxşı olar.
İkinci məsələ bu cür insanların reabilitasiyası, mərkəzlərin açılmasıdır.  Məsələn, tez-tez televiziyada ayrı-ayrı verilişlərdə görürük ki, sahibsiz uşaqlar tapılır və televiziya işçiləri çalışırlar ki, bunları hansısa müəssisəyə düzəltsinlər ki, orada yaşasınlar, sığınacaqda qalsınlar və yaxud da gələcəkdə təhsillərini davam etdirsinlər. Bu baxımdan digər strukturların da birgə fəaliyyəti lazımdır. Mən hesab edirəm ki, həm Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, həm Təhsil Nazirliyi, həm də digər strukturların  nümayəndələri  o insanların təkrar qayıdıb cəmiyyətə qoşulması üçün bu məsələyə cəlb olunmalıdırlar. Cəmiyyətə uyğunlaşdırılmaları üçün müvafiq addımların atılmasına və bu cür yerlərin çoxaldılmasına hesab edirəm ki, geniş ehtiyac var. Burada ən əsası təbliğat vasitəsidir. Bizim televiziya kanallarında və digər saytlarımızda, – düzdür, bəzilərində var, – mən hesab edirəm ki,  bu sahəyə aid verilişlər olmalıdır, insanlar başa salınmalıdır, onlara öz hüquqları öyrədilməli, bildirilməlidir. Televiziya kanallarında heç olmasa, sosial verilişlərə, sosial reklamlara və digər bu tipli verilişlərə yer ayrılmalıdır. Xörək bişirməkdənsə, başqa-başqa şeyləri təqdim etməkdənsə, bu cür insanlara  hüquqları başa salınmalı, bu işə vadar olunduqda hansı orqanlara müraciət etməli olduqları bildirilməlidir. Hamı qaynar xətti bilmir, hamı bu müraciət nöqtəsini bilmir. O baxımdan da buna  fikir verilməsi vacib  şərtlərdəndir.
Bir sıra başqa məsələlərlə də əlaqədar burada fikrimi qeyd etmək istəyirəm. Biz bəzi şeylərə ciddi şəkildə fikir verməliyik,  Azərbaycanda  vaxtilə  məlumat verilirdi ki, elə birinci Qarabağ müharibəsi ərəfəsində bir sıra insanlar itkin düşüblər. Bu son vaxtlarda hansısa mətbuat orqanında   Ermənistanda əsir düşmüş azərbaycanlıların daxili orqanlarının bir sıra xarici ölkələrdə satılması ilə əlaqədar məlumat getmişdi və həmin adamların adları göstərilmişdi. Həmin insanların siyahısı hazırlanıb  BMT-yə, İnterpola, yaxud ayrı-ayrı təşkilatlara təqdim olunmalıdır ki, onların axtarılması və tapılması məsələsi daha da gücləndirilsin. Düzdür, bununla bağlı, yəni əsir və itkin düşmüşlərlə əlaqədar dövlət komissiyası var. Mən hesab edirəm ki, əsir və itkin düşmüşlərin böyük hissəsi insan alverinin qurbanına çevrilibdir. Beynəlxalq məhkəmədə  hər hansı bir cinayət işinin açılması ilə əlaqədar biz addımlarımızı atmalıyıq ki, gələcəkdə bu hallar bir daha təkrar olunmasın.
Biz bu gün görürük ki, Suriya qaçqınlarından  nə qədər itkin düşənlər var. Təbii ki, itkin düşənlərin böyük bir hissəsi insan alverinin qurbanına çevrilibdir. İstər İraqda, istərsə də Liviyada gedən müharibələrdə bu faktlar dəfələrlə sadalanıbdır. Bunların  çoxunun daxili orqanlarının satılmasının, yaxud da son vaxtlar  İŞİD-lə əlaqədar  yetkinlik yaşına çatmayan qızların necə əsir alınıb başqa-başqa  xarici dövlətlərə satılmasının şahidiyik. Ona görə işimizi daha da möhkəmləndirməli və cəmiyyəti bu məsələyə hərtərəfli kökləməliyik ki, tək hüquq mühafizə orqanları deyil, eyni zamanda, cəmiyyət də bu məsələyə qoşulub dəstək versin və olan məlumatları vaxtında hüquq mühafizə orqanlarına çatdırsın. Mən bir daha  qeyd etmək istəyirəm ki, məlumat çox yaxşı hazırlanıbdır və deputat həmkarlarımı ona səs verməyə çağırıram. Sağ olun.

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim.  Mən birinci onu qeyd etmək istəyirəm ki, 1862-ci ildə Rusiyada təhkimçilik hüququnun, 1960-cı illərdə Amerikada irqi ayrı-seçkiliyin ləğv olunmasına baxmayaraq, bu gün – XXI əsrdə müasir cəmiyyətlərdə insan alveri təəssüf ki, hələ də qalmaqdadır. Bu, hamımızı narahat edən bir problemdir. İnsanı yenə də qul kimi, kölə kimi alıb-satmaq, ona əmtəə kimi yanaşmaq ənənələri dünyada mövcuddur. Hörmətli Vilayət müəllimin qeyd etdiyi kimi, bu yöndə milyonlarla insan həmin istismarın, həmin fəaliyyətin qurbanlarıdır. Dünyadakı müharibələr, xüsusilə də son dövrün müharibələri bu ənənəni gücləndirir ki, zəiflətmir. Ötən illər ərzində biz  Azərbaycanda bu hesabatları  qəbul etməklə bərabər, eyni zamanda, vətəndaş olaraq bu  yöndə cəmiyyətdə çox mühüm dəyişikliklərin həyata keçirildiyini görməkdəyik. Hər birimiz  belə problemlərlə  ilk növbədə Daxili İşlər Nazirliyinə müraciət etmişik. Həm hörmətli Ramil Usubov tərəfindən, həm də milli koordinator olaraq Vilayət Eyvazov tərəfindən yüksək həssaslıq, dövlətçilik, bu məsələlərlə bağlı bir əlçatanlıq, orijinallıq  və hər bir problemlə bağlı araşdırmalar görmüşük. Bunu ayrıca qeyd etmək lazımdır. Biz bəzən dövlətin, hökumətin ayrı-ayrı instansiyalarını haqlı olaraq burada tənqid edirik. Yaxşı işi qeyd etməyi də bacarmalıyıq.
Mən açıq deyirəm ki, hörmətli Vilayət müəllimə bir neçə dəfə müxtəlif problemlərlə bağlı müraciət etməli olmuşuq. Ondan bu məsələlərdə əlçatanlıq, həssaslıq və dediyimiz kimi, bir anlayış görmüşük. Bu öz təsirini göstərib. İllər ərzində biz dilənçiliyin azaldığını görmüşük, bu həqiqətdir. Yəni valideynlərin öz övladlarını dilənçiliyə vadar etməsi dünyada bir ənənədir. Bu, Azərbaycanda da var. Sadəcə, kiçik bir zümrənin işi deyildir. Amma bəzən hansısa valideynlər bu işi hansısa qruplarla şəbəkə halında həyata keçirirlər, bu ənənə azalıb. Nəqliyyat vasitələrində orta məktəb uşaqlarını, şagirdlərimizi pulyığan adı ilə o işlərə cəlb etmişdilər. Bu ənənə indi demək olar ki, yoxdur.  Birləşmiş Ərəb Əmirliklərinin adı Azərbaycanda çox mənfi hallar doğururdu. Etiraf etmək lazımdır ki, bu sahədə də artıq qulaqlarımız çirkli sözlərlə çirklənmir. Amma bununla bərabər etiraf etmək lazımdır ki, müasir texnologiyası,  yüksək haqları olan təminatlı ölkələrdə də bu  problemlər qalmaqdadır. Biz Amerikanın hesabatları olmadan da Azərbaycanda hansı sahələrdə problem olduğunu yaxşı bilirik.
Hörmətli Vilayət müəllimin burada olmasından istifadə edib, xüsusilə də qeydiyyata alınmayan ailələrdə uşaqların məktəbdən yayındırılaraq bu cür istismara  cəlb olunduğunu və sair məsələlərdə bir yem olduğunu vurğulamalıyıq. Biz valideynlərin məsuliyyətini müəyyənləşdirməliyik. Avropa ölkələrinin hamısında bu belədir. Övladı məktəbdən yayındıran valideyn məsuliyyət daşıyır. Söhbət təkcə onun valideynlik hüququndan məhrum edilməsindən getmir, biz hansısa mexanizmlər tapmalıyıq ki, kimsə özünün gələcək qurbanlarını bu sıradan tapmasın.
Biz  media ilə tez-tez tanış olanda bəzən masaj salonlarının adlarını bu cür qeyd edirlər. Bu bizi düşündürməlidir. İş yerlərinə cəlbetmə. Bütün internet resurslarında guya xaricdə iş mübadilələri quran minlərlə qurum, şirkət, firma mövcuddur. Bir tərəfdən də biz müstəqil iqtisadi fəaliyyətin tərəfindəyik. Ancaq düşünmürük ki, hansısa hüquq mühafizə orqanları onların üzərində hakim kəsilsinlər. Amma bir mexanizm tapmalıyıq ki, bunlar sübut etsinlər ki, gerçəkdən də  xaricə  göndərilərək  orada sənədləri əlindən alınan, sonra da ölkəyə dönüşü çətin olan və qurbana çevrilən insanlar var,  ailəsinin qurbanına çevrilir, cəmiyyətin qurbanına çevrilir. Cəmiyyət də bunu həzm edə bilmir ki, bu gedib haradasa istismar olunur və sair. Sosial şəbəkələr də təəssüf olsun ki, bəzən bu cür  şantajın, əslində, ötürücü  naqilinə çevrilir.
Hörmətli ombudsman Elmira Süleymanova ötən dəfə parlamentdə qeyd etdi ki, qumar oyunlarında valideynlər övladlarını uduzurlar. Doğrusu, məni bu fakt düşündürdü. Mən həmin iclasda iştirak etməmişdim,  bilmirəm, bu ənənə nə qədər geniş yayılıbdır. Hərçənd buna inanmaq da istəmirəm. Bilmirəm, qumarda başqasının övladını udanın mənəviyyatı nə mənəviyyatdır, insanlığı nə insanlıqdır. Ancaq qumar oyununun üzərində biz hüquqi bir mexanizm tapdıq ki, bu  rəsmiləşsin, vergi ödəsinlər və sair. Bundan kənarda qumar oyunları ilə bağlı daha hansı addımları atmalıyıq ki, kimsə o oyunların qurbanına çevrilməsin? Əlbəttə, mən bu sırada fikirlərimi genişləndirə bilərəm. Bir sözlə, bir daha xüsusi vurğulamaq istəyirəm ki, hər halda Azərbaycanda insan alverinin qurbanı minlərlə, on minlərlə deyil. Hörmətli Vilayət müəllimin qeyd etdiyi kimi, bu, bir neçə on nəfərdir və yaxud da ki, daha konkret saydadır. Bu, onu sübut edir ki, Azərbaycan cəmiyyətində bir mənəvi böyümə var, başqasının haqlarına hörmət var,  əməyinə dəyişilmiş bir münasibət var, proseslərin hüquqi müstəviyə gətirilməsi var və sair. O cümlədən də xarici əlaqələrdə. Ona görə də mən bu məlumatı yüksək qiymətləndirirəm və ona səs verəcəyəm, həmkarlarımı da ona çağırıram. Sağ olun. 
Sədrlik edən. Sağ olun. Yeri gəlmişkən, Zahid müəllim burada məsələ qaldırdı. Mən insan alveri ilə bağlı mətbuatda gedən bəzi məlumatlara dair fikrimi bildirmək istəyirəm. İndi hər il bizim həmkarımız hörmətli Vilayət müəllim  burada milli koordinator kimi məlumat verir. Mən hesab edirəm ki, gərək mətbuat da, ümumiyyətlə, ictimaiyyət də bu işə dəstək versin. Məsələn, bəzən mətbuat səhifələrində oxuyursan, – özü də çox ciddi mətbuatdır, – filan futbol klubunun bir üzvü 60 milyona, 70 milyona digər kluba satılıb. Bu olar müqavilənin qiyməti, transferin qiyməti, yəni bir klubdan digər futbol klubuna keçmək üçün müqavilənin qiyməti var. Amma burada müqavilə qalır kənarda, yazılır ki, futbolçu 60 milyona filan kluba satıldı. Bu futbolçu insandır, bu necə alverin obyekti ola bilər? Biz bir tərəfdən insan alverinə qarşı mübarizədən danışırıq, amma eyni zamanda, mətbuat səhifələrində futbolçuları alver predmetinə çeviririk. Ona görə mən mətbuat nümayəndələrindən  çox xahiş edirəm, ifadələrində bir az sərrast olsunlar, dəqiq olmaq lazımdır. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar, hörmətli Vilayət müəllim! Bu gün etiraf olunmalıdır ki, Azərbaycan ictimai asayişin ciddi şəkildə qorunduğu ölkələr sırasındadır və bu, hər birimizi sevindirir. Əlbəttə, Azərbaycanda kriminal vəziyyətin tam nəzarət altında saxlanılması, insanlarımızın təhlükəsiz şəraitdə yaşaması,  ailə problemləri və yüksək  həyat səviyyəsinin inkişafı ilə bağlı qayğıların həyata keçirilməsi üçün yaradılmış bu şərait hər şeydən öncə ölkə Prezidentinin həyata keçirmiş olduğu, düşünülmüş və millətin maraqlarına xidmət edən daxili siyasətin məntiqinə söykənir. Şübhəsiz ki, belə bir durumun yaradılmasında bütövlükdə Daxili İşlər Nazirliyinin müstəsna xidmətləri var. Azərbaycan vətəndaşı olaraq biz  hər zaman Daxili İşlər Nazirliyinin keçirmiş olduğu çox önəmli tədbirlərdən qaynaqlanan bu vəziyyətə görə hər zaman ona bir vətəndaş minnətdarlığı   ifadə edirik. Çox yaxşı haldır ki, Azərbaycanda istənilən  xoşagəlməz vəziyyətlə bağlı Daxili İşlər Nazirliyinin qaynar xəttinə zəng vuranda həmin an reaksiya verilir və beləliklə, vəziyyət tam nəzarət altına götürülür.
Daxili İşlər Nazirliyinin həyata keçirmiş olduğu tədbirlər içərisində insan alverinə qarşı mübarizə xüsusi yer tutur. Məlumatla tanış olanda bəlli olur ki, Daxili İşlər Nazirliyi bu işi daha yüksək səviyyədə qurmaq üçün Azərbaycanda  fəaliyyət göstərən, bu və ya digər şəkildə insan alveri ilə hansısa bir formada əlaqəsi olan nazirliklərlə, qurumlarla xüsusi birgə əməkdaşlıq nəticəsində insan alverinin qarşısını almaq üçün əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Əlbəttə, insan alveri təkcə milli məsələ deyil, bəlli olduğu kimi, bu, həm də beynəlxalq bir problemdir. Bunu insan alverinə qarşı mübarizə üzrə koordinator da nəzərə alaraq ayrı-ayrı beynəlxalq təşkilatlarla ciddi əlaqə qurmuş, işini onlarla koordinasiya etmişdir. Eyni zamanda, Azərbaycanda Daxili İşlər Nazirliyinin bu sahə ilə məşğul olan işçilərinin dünyanın aparıcı dövlətlərində iş təcrübəsi keçməsinə nail olunmuş və beləliklə, bir tərəfdən təcrübə keçmiş, başqa bir tərəfdən isə  beynəlxalq   xarakter daşıyan bu cinayətə qarşı dünyanın ayrı-ayrı ölkələri ilə birgə əməkdaşlıq etmişdir.  Mən xüsusi olaraq demək istəyirəm ki, məcburi əməyə, xüsusilə uşaq əməyinin istismarına qarşı fəaliyyət il ərzində koordinatorun xüsusi diqqət mərkəzində olmuşdur. Bununla bağlı ayrı-ayrı profilaktik tədbirlər həyata keçirməklə yanaşı, konkret inzibati addımlar da atılmışdır.  Bəlli olduğu kimi, indiki durumda, əlbəttə, Daxili İşlər Nazirliyi üzərinə düşən  vəzifəni həyata keçirmək üçün həm profilaktik, həm də maariflənmə baxımından iş görməklə bərabər, inzibati tədbirlərin həyata keçirilməsinə də xüsusi əhəmiyyət vermişdir.
Mən görülən işləri yüksək qiymətləndirməklə bərabər istərdim ki, hörmətli Vilayət Eyvazovun diqqətinə bir məsələni cəlb edim. Bu, azyaşlı, yəni yetkinlik yaşına çatmayan qızların məcburi şəkildə ərə verilməsidir. Bu, faktiki olaraq həmin yetkinlik yaşına çatmayan qızların fiziki və cinsi zorakılığını doğuran çox böyük bir problemdir. Doğrudur, bununla bağlı ən müxtəlif səviyyələrdə maarifləndirmə işi aparılır, konkret inzibati tədbirlərə əl atılır, Azərbaycanın Ailə Məcəlləsinə müvafiq dəyişikliklər edilir. Lakin hələlik çox təəssüflər olsun ki, bu ənənənin qarşısı alınmamışdır. Koordinatordan buna qarşı xüsusi mübarizə aparmağı  xahiş edirəm.
Digər tərəfdən Siyavuş müəllim burada ermənilərin əsirliyində olan Azərbaycan vətəndaşlarının daxili orqanlarının satılması ilə bağlı çox ciddi bir məsələyə toxundu. Mənə elə gəlir ki, bununla bağlı xüsusi bir bənd ilə cinayət işi açılmalı və  beynəlxalq təşkilatların birgə iştirakı ilə bu məsələlərin  üstünə gedilməlidir. Biz Ermənistanın həm də bu baxımdan cinayətkar bir rejim olduğunu, cinayətkar bir ölkə olduğunu dünyaya  nümayiş etdirməliyik. Bir sözlə, koordinatorun illik fəaliyyəti göz önündədir. Mən də həmkarlarım kimi onun fəaliyyətini yüksək qiymətləndirirəm və ona müsbət rəyimi bildirəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli həmkarlar və qonaqlar! İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun hesabatından görünür ki, insan alveri ilə mübarizə sahəsində, həqiqətən də, ciddi işlər görülür. İnsan alveri ilə bağlı həm maarifləndirmə tədbirləri, həm qabaqlayıcı tədbirlər, həm də cəza tədbirləri  həyata keçirilir. Bütün bunlar tərifə və təqdirəlayiqdir. Bu ciddi mübarizəyə görə hesab edirəm ki, ölkəmizdə insan alveri məsələsi acınacaqlı halda deyil, qənaətbəxşdir. Hörmətli Vilayət müəllim, əgər yadınızdadırsa, milli koordinatorun keçənilki hesabatı zamanı mən iri şəhərlərin küçələrində uşaq dilənçiliyinin  geniş vüsət alması ilə bağlı  müraciət eləmişdim. Bu gün Sizə dərin minnətdarlığımı bildirmək istəyirəm, çünki həmin vaxtdan bu yana Daxili İşlər Nazirliyi bu xoşagəlməz hallara qarşı ciddi mübarizə aparır və müsbət hal odur ki, bu mübarizə bir günlük, ya da bir aylıq olmadı, yəni kampaniya xarakteri daşımadı. Bu tədbirlər müntəzəm xarakter aldı. Nəticədə Bakının küçələri az qala özünü maşının altına  atan azyaşlı dilənçilərdən əhəmiyyətli dərəcədə təmizləndi. Lakin Bakı ilə yanaşı regionları da unutmaq olmaz. Bildiyim qədər bu yaxın vaxtlarda Sumqayıtda başqa bir dilənçilik növü yaranıb. Belə ki, bir qrup azyaşlı  mərkəzi küçələrdə, Sumqayıtın giriş hissəsindəki 4 yolda əlil kimi gəzərək dilənirlər. Ən dəhşətlisi isə odur ki, onlar əlil deyil, sadəcə, fırıldaqçıdırlar. Bununla da onlar cəmiyyətdə həqiqətən əlil olan vətəndaşlarımıza qarşı inamsızlıq hissi yaradırlar. Unutmayaq ki, dövlət əlil vətəndaşlarımıza kifayət qədər qayğı göstərir, onlara pensiya ayırır. Mənim iradım Sumqayıt və digər yerlərdə özünü əlil kimi göstərərək insanların duyğularından istifadə  etməklə pul yığan şəxslərlə bağlıdır. Xahiş edirəm, qeyd etdiyim bu məsələni də nəzarətdə saxlayaraq aidiyyəti qurum rəhbərlərinə göstəriş verəsiniz.
Bir-iki təklifim də var, Vilayət müəllim. Mühüm məsələ ondan ibarətdir ki, son 10 ildə insan alverinin çox əcaib və eybəcər formaları da peyda olub. İlk növbədə  bu, müxtəlif səbəblərdən narazı olaraq radikal dini cərəyanlara qulluq edən bəzi insanların terror təşkilatlarına cəlb olunmasıdır. Həmkarlarım da bu məsələyə toxunublar. Təəssüf ki, onların arasında kişilərlə yanaşı qadınlar da var. Bir sıra televiziya kanallarında belə qadınları tez-tez göstərirlər. Onlar terror düşərgələrindən azad olunaraq söyləyirlər ki, əvvəl onlara evlənmək vəd edirlər, iş vəd edirlər, sonra isə  aldadaraq aparıb onları İŞİD düşərgələrində cinsi istismara məruz qoyurlar. Elə bu günlərdə məlumat yayılıb ki, Mosul şəhərində İŞİD-çilər seks köləliyinə razılaşmayan 250 qadını edam ediblər. Kişiləri isə bildiyimiz kimi, döyüş bölgələrində döyüşməyə məcbur edirlər, ya da onlardan kamikadze hazırlayırlar. Biz bunu artıq bilirik və şükürlər olsun ki, həm Daxili İşlər Nazirliyi, həm də Dövlət Təhlükəsizlik Xidməti tərəfindən terror qruplarına qoşulan şəxslərə qarşı Azərbaycanda qabaqlayıcı tədbirlər görülür, onlar zərərsizləşdirilir. Hesab edirəm, belə hallara qarşı  profilaktik tədbirlər görərək bu qrup insanları nəzarətdə saxlamaq və izləməklə belə terror təşkilatlarına qoşulmalarının qarşısını əvvəlcədən almaq lazımdır. Bu da bir növ insan alveridir. İstərdim, belə hallar varsa, gələcəkdə milli koordinatorun hesabatında öz əksini tapsın.
Ümumiyyətlə, mənə elə gəlir ki, hörmətli milli koordinatorumuz insan alveri anlayışına  hazırda daha geniş və  əhatəli şəkildə yanaşmalıdır. Məsələn, bir neçə həftə əvvəl Milli Məclisdə qadın məsələləri üzrə konfrans keçirilmiş və burada  erkən nikahlarla, yəni yetkinlik yaşına çatmadan zorla ərə verilməklə bağlı misallar gətirilmişdi. Azərbaycan üzrə erkən nikahlar təəssüflər olsun ki, yenə də aktual məsələdir. Bəlkə erkən nikaha məcbur etməni də insan alverinə daxil edək? Çünki bu hallarda valideynlər yeniyetmə qızlarının arzu və istəklərinin ziddinə çıxırlar. Məsələn, təhsil almalarına, işləmələrinə, istədikləri həyatı qurmaqlarına mane olaraq onları əşya kimi görmüş olurlar.
Elə bu günlərdə bir dəhşətli xəbər yayılmışdı. Quba rayon sakini olan 15 yaşlı qız özünü Samur–Dəvəçi kanalına ataraq intihar etmişdi. Ən dəhşətlisi də odur ki,  qızın artıq nişanlı olduğu bildirilir. Elə intiharın səbəbi də qızı yaxın vaxtda zorla ərə vermək cəhdi olmuşdur. Məncə, qızına əşya kimi baxan, onun iradəsinə zidd gedən, uşaq ikən onu ərə verən valideyn ən ağır cəzaya və ictimai qınağa məhkumdur. Mən Fəzail müəllimlə də tam razıyam ki, biz bunu mütləq televiziya vasitəsilə, elektron KİV-lərin vasitəsilə çox geniş şəkildə ictimai qınaq obyektinə çevirməliyik. İstərdim ki, Vilayət müəllim, Sizin də rəhbərlik etdiyiniz qurum bu problemlərlə çox ciddi məşğul olsun. Çünki belə hallar insan alverinin ən çirkin formalarıdır. Bir sözlə, insan alveri və insan istismarı XXI əsrdə çox müxtəlif və eybəcər libaslara bürünüb. Mahiyyətcə  erkən nikahlar da, insanları terror təşkilatlarına cəlb etmək də, insanları əlil formasında dilənməyə məcbur etmək də insan alverindən başqa bir şey deyil. Ona görə cəmiyyət üçün qorxulu və mənfi olan belə hallara qarşı aparılan mübarizənin nəticələrini növbəti hesabatlarda da görmək istərdik. Ümumiyyətlə, milli koordinatorun hesabatını biz qənaətbəxş hesab edirik və bu nəcib işdə xidmətin bütün əməkdaşlarına daha böyük uğurlar diləyirik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Ziyafət müəllim, hörmətli Vilayət müəllim, deputatlar və media nümayəndələri! Son vaxt, doğrudan da, Daxili İşlər Nazirliyi tərəfindən ictimai asayiş etibarlı formada təmin edilir, cinayətkarlığa və dini ekstremizmə, hazırda Avropada və Rusiyada geniş yayılmaqda olan reketçiliyə, yəni hədə-qorxu ilə tələb etməyə, o cümlədən məhkəmə funksiyalarını öz üzərlərinə götürməyə çalışan cinayətkar qruplaşmalara qarşı çox səmərəli bir mübarizə aparılır. Bizim ölkənin vətəndaşları insan alverinə qarşı mübarizə sahəsində görülən işləri çox yüksək qiymətləndirir. Biz bu gün hesabatla tanış olanda, o cümlədən məlumatı oxuyanda  görürük ki, Daxili İşlər Nazirliyi cinayətkarlığa qarşı mübarizədə bir çox nüfuzlu beynəlxalq qurumlarla əməkdaşlıq edir, o cümlədən  BMT-nin Narkotiklər və Cinayətkarlığa qarşı Mübarizə İdarəsi ilə. Əlbəttə, bu çox müsbət haldır və biz bunu alqışlayırıq. Bu sahədə beynəlxalq əlaqələr genişləndirilməlidir.
Mən, sadəcə olaraq, Vilayət müəllimin burada olmasından istifadə eləyib diqqəti bir məsələyə yönəltmək istəyirəm. Bu, insan alveri, xüsusilə də  narkotiklərin yayılması ilə əlaqəli bir məsələdir. Bizim Dövlət Gömrük Komitəsi tərəfindən son bir ay ərzində iki böyük partiya narkotik aşkarlanıb. Qara bazarda dəyəri təqribən 100 milyon dollardan artıq olan, təqribən bir tondan çox narkotik maddə aşkarlanıb. Mən  parlamentdə vaxtilə də məsələ qaldırmışdım ki, təkcə narkotik istifadəçilərinə,  narkotiki yayanlara qarşı deyil, ümumiyyətlə, bu tonlarla narkotiki bir ölkədən başqa ölkəyə daşıyan sindikatlar, kartellər ki var,  onlara qarşı mübarizə aparılsın. Biz çalışmalıyıq ki, bizim Daxili İşlər Nazirliyi məhz BMT və müvafiq qurumlarla əməkdaşlıq yolu ilə təkcə öz ölkəmizdə deyil, həm Avropada, həm də dünyada narkotikə qarşı mübarizəyə öz töhfəsini vermiş olsun. Yüksək miqdarda narkotik aşkar eləyib tutan şəxslər  hesab edirəm ki,  dövlət mükafatına layiq görülməlidirlər.  Amma Daxili İşlər Nazirliyi mütləq Dövlət Gömrük Komitəsi ilə əməkdaşlıq eləməlidir. Mənim bildiyimə görə, narkotik maddələr kişmişin içində Belçikaya göndərilirmiş. Sabah bir başqa formaları da tapılacaq. İndi İranla da ciddi əməkdaşlıq olmalıdır. Uzun müddətdir ki, siz bilirsiniz, İrandan Azərbaycana narkotik daşınır. Bunun qarşısının alınması üçün düşünürəm ki, bu istiqamətdə ciddi işlər görülməlidir. Ümumən mən də hesabatı qənaətbəxş hesab edirəm və Vilayət müəllim başda olmaqla Daxili İşlər Nazirliyinin əməkdaşlarına, o cümlədən də nazir Ramil Usubova işlərində müvəffəqiyyətlər arzulayıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mütəşəkkil cinayətkarlığın tərkib hissəsi olan və çox gəlir gətirən sahələrdən biri də insan alveridir. Bayaq milli koordinator da qeyd elədi. Dünyanın bütün ölkələrində bu cinayət növü mövcuddur və buna qarşı mübarizə də var. Amma çox sevindirici haldır ki, son 10 ildə Azərbaycanda bu cür cinayətlərə qarşı mübarizə  hərtərəfli şəkildə peşəkarcasına aparılıb və  aparılmaqda davam edir. Mən  fürsətdən istifadə edib vətəndaş cəmiyyətinin təmsilçisi kimi bir şeyi qeyd etmək istəyirəm, milli koordinator hörmətli Vilayət müəllim burada məlumat verərkən bir neçə dəfə vətəndaş cəmiyyətləri, onlarla əməkdaşlıq haqqında müsbət fikir bildirdi. Mən də öz növbəmdə vətəndaş cəmiyyətlərinin bu qurumla əlaqələrinə müsbət dəyər verməsi ilə bağlı Vilayət müəllimə təşəkkür etmək istəyirəm. Mən məlumatda gedən statistik rəqəmləri, faktları bir daha təkrarlamaq istəmirəm. Amma bir neçə məsələni  qeyd eləməliyəm.
Birinci, bilirsiniz ki, bu cür qurbanlar üçün Daxili İşlər Nazirliyinin  sığınacağı var və bu sığınacaqla bağlı məlumat vermək istəyirəm. Mən hüquq müdafiəçisi olaraq həmkarlarımla və qonaqlarla bir neçə dəfə bu sığınacağa getmişik. Təsəvvür eləyin ki, bu hansısa bir villaya bənzəyir və çox səliqəlidir. Biz bu sığınacaqda qurbanlar üçün yaradılan müsbət şəraiti  gördük və belə hesab elədik ki, bəziləri buranı daha yaxından görsələr,  ora düşmək üçün özlərini qurban elan etməyə hazır olarlar. Hətta bir maraqlı məqam oldu ki, orada bir nəfər başqa ölkənin vətəndaşı var idi, onu göndərmək istəyirdilər, ancaq o bu cür şəraiti qoyub getmək istəmirdi.  Buna görə də, təbii, Daxili İşlər Nazirliyinə bu sahəyə diqqət ayırdığına görə təşəkkür etmək lazımdır.
Bir də, hörmətli Vilayət müəllim, bir şeyi qeyd eləyim, bu günlərdə biz Daxili İşlər Nazirliyinin Polis Akademiyasında bir tədbirdə idik. Orada maraqlanmışdım, həmin məsələ bu məlumatda da öz əksini tapıb. Çox təqdirəlayiq haldır ki, Daxili İşlər Nazirliyinin Polis Akademiyasında 5 fənn üzrə, məsələn, insan alveri cinayətinin hüquqi aspektləri, kriminogen xüsusiyyətlərin qarşısının alınması və açılması taktikası fənni üzrə dərs keçirilir. Bununla bizim gələcək kursantlarımız, dinləyicilərimiz və  gələcək polis əməkdaşları üçün bir baza yaradırlar. Hansı sahədə işləmələrindən asılı olmayaraq, bu cür ağır  cinayətlərlə bağlı, təbii ki, onların beyinlərində bir elmi və praktik  fikir formalaşacaq və onlar bu mübarizə üçün artıq hazır bir kadr kimi yetişəcəklər.
Bir şeyi qeyd eləmək istəyirəm, bu, son günlər məni bir az narahat edir. Bu məlumatın 6-cı bölməsində, İnsan alveri ilə bağlı qurbanlarla iş bölümündə qeyd olunur ki, 2014-cü il ilə müqayisədə cinayətkarlıq 20 faiz artıb və daha 11 fakt  aşkarlanıb. Bu mütəşəkkil dəstələri ifşa etmək o qədər də asan bir şey deyil. Düzdür, 13 cinayətkar qrup zərərsizləşdirilib. Amma çox təəssüf ki, bu informasiyalar bu gün Vilayət müəllimin buradakı rəsmi məlumatından öncə kimlər tərəfindənsə mətbuata sızmışdı və  jurnalistlər buna özlərinin yanaşması ilə qiymət verməyə çalışırdılar ki, burada faktlar artıb və sair. Amma, əslində, bu belə deyil,  biz qeyd etməliyik ki, burada mübarizə güclənib və cinayətlərin açılma faizləri artıb. Yəni əvvəllər kök salmış bəzi insan alveri ilə məşğul olan cinayətkar dəstələrin artıq ifşa olunub açılması halları var və bu, təqdirəlayiq hal kimi təqdim olunmalı idi. Amma çox təəssüf ki, o, bir neçə saytda başqa cür təqdim olundu.
Mən bir narahatçılığımı da bildirim ki, istər ombudsmanın, istər milli koordinatorun, istərsə də digər qurumların hesabat və məlumatları Milli Məclisin tribunasından səslənənə qədər bu informasiyaların mətbuatda verilməsini mən məqsədəuyğun hesab etmirəm. Çünki ola bilər, hansısa rəqəm səhv düşüb, texniki səhvdir və iclasda koordinator çıxış edənə qədər o bizə paylanıb dəyişdirilə bilər. Ona görə də biz gələcəkdə bu məsələlərdə bir az diqqətli olmalıyıq. Sonda bir şeyi qeyd eləyim ki, burada bəzi məsələlər də qabardıldı. Bunlar məişət zorakılığına aid olan məsələlərdir, insan alverinə aid olan məsələ deyil. Təbii ki, o, cəmiyyəti və həmkarlarımızı narahat edir. Amma biz bunları eyniləşdirə bilmərik. İnsan alveri tamamilə başqa bir cinayət kateqoriyasına aid olan bölümdür və belə hesab edirəm ki, bununla mübarizə çətin olsa da, bizim daxili işlər orqanları bu mübarizədən  şərəflə, üzüağ çıxırlar. Ona görə də mən belə hesab edirəm ki, milli koordinatorun 2015-ci ildəki fəaliyyəti barədə hesabatını, yəni görülən işləri müsbət dəyərləndirməliyik və həmkarlarımı da buna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, mən bir məsələni sizinlə məsləhətləşmək istəyirəm. Artıq həmkarlarımız kifayət qədər çıxış elədilər və məlumatla bağlı fikirlərini bildirdilər. Təkliflər verildi və hamı da bu məlumatı bəyənib qəbul etdi. İndi əgər etiraz yoxdursa, təkid eləyən yoxdursa, biz müzakirələri yekunlaşdıraq və sözü verək Vilayət müəllimə, deyilən fikirlərə, burada səsləndirilən təkliflərə öz münasibətini bildirsin, ondan sonra səsverməni aparaq. Etirazınız yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vilayət müəllim, buyurun.
V.Eyvazov. Hörmətli millət vəkilləri, bizim işimizə verdiyiniz qiymətə görə, o cümlədən maraqlı suallar da verdiyinizə görə çox  sağ olun. Millət vəkili Fazil Mustafanın burada Türkiyədəki uşaqlarla əlaqədar səsləndirdiyi fikirlə bağlı qeyd eləmək istəyirəm ki, bütün ölkələrdə Azərbaycan vətəndaşlarının şəxsiyyəti təsdiq edən sənəd ilə təmin olunması üçün müvafiq tədbirlər görülür. Bu məsələ də qısa müddətdə araşdırılacaq və qanuna müvafiq tədbirlər görüləcəkdir. Qeyri-qanuni miqrasiya ilə əlaqədar Siyavuş müəllim də fikir səsləndirdi. Bu çox düzgün narahatcılıqdır. Bu gün bütün dünyada gedən proseslər, o cümlədən regionda gedən proseslər bizi narahat olmağa vadar eləyir. Amma qeyd eləmək istəyirəm ki, cənab Prezidentin sərəncamı ilə qeyri-qanuni miqrasiya ilə daha düzgün, daha əsaslı mübarizə aparılması üçün ayrıca Dövlət Miqrasiya Xidməti yaradıldı.  Daxili İşlər Nazirliyi, başqa hüquq mühafizə orqanları, digər aidiyyəti orqanlar da Dövlət Miqrasiya Xidmətinə qeyri-qanuni miqrasiyanın qarşısının alınması üçün köməklik göstərirlər. Bu günə, hesab eləmirəm ki, belə bir ciddi problem var. Qarşıya qoyulan vəzifələr icra olunur, narahatçılığımız yoxdur.
İtkin düşmüş əsirlərin orqanlarının qeyri-qanuni yolla transplantasiyası ilə əlaqədar bildiyiniz kimi, əsir və itkinlərin məsələsi ilə müvafiq qaydada məşğul olan komissiya var. Biz ona müraciət eləyə bilərik. Lakin cinayət işi qaldırılıb və o cinayət işinin tərkibində bütün bu məsələlər öz əksini tapıb.  Burada erkən nikahlarla bağlı problemlər  səsləndirildi. Çox ciddi problemdir, düzgün qaldırılan məsələdir. Lakin onu insan alveri predmetinə aid etmək bir o qədər də səmərəli olmaz. Erkən nikahların qarşısının alınması üçün həm Daxili İşlər Nazirliyi, həm prokurorluq, həm də digər aidiyyəti orqanlar tərəfindən müvafiq tədbirlər görülür. Statistikaya baxdıqda əvvəlki illərə nisbətən belə halların sürətlə azalmasının şahidi oluruq. Lakin problemlər hələ də tam həll olunmayıb, tərəfimizdən o sahədə də müvafiq tədbirlər görülür. Hətta belə hallara görə qanunvericilikdə cəzanın sərtləşdirilməsi təklifi də hazırlanıbdır. Bu yaxınlarda o da layihə şəklində hökumətə göndəriləcək, habelə müvafiq tədbirlər də görülür.
Dilənçiliklə məşğul olan azyaşlı uşaqlarla əlaqədar deməliyəm ki, verdiyiniz qiymətə görə çox sağ olun. Amma o problem də tam həll olunmayıb, lakin mübarizə aparılır. Təəssüf ki, regionlarda, rayonlarda, həmçinin də Bakı şəhərində bəzi ailələr öz uşaqlarına bu yolu seçiblər,  onların özləri də dilənçiliklə məşğul olmağı özlərinə peşə seçiblər, amma onlara qarşı da qanun çərçivəsində tədbirlər görülür.
Narkotiklərin  insan alveri ilə bağlı olan cinayətlərlə də əlaqəsi var. Bu yaxınlarda qeyd olunduğu kimi, Dövlət Gömrük Komitəsi tərəfindən külli miqdarda narkotik maddə götürüldü. Lakin qeyd etmək istəyirəm ki, ondan əvvəl də, həmin dövrdə də Daxili İşlər Nazirliyi narkotiklərlə mübarizə sahəsində və bir çox başqa sahələrdə həm Dövlət Gömrük Komitəsi ilə, həm də Dövlət Sərhəd Xidməti ilə ciddi əməkdaşlıq eləyir. Hesab edirəm, verilən sualları cavablandıra bildim, əgər əlavə sualı olan varsa, cavab verməyə hazıram, yoxdursa, sizin hər birinizə verdiyiniz qiymətə və ayırdığınız vaxta görə təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Vilayət müəllim, təşəkkür edirəm. Əgər başqa sualı olan yoxdursa, onda xahiş edirəm, milli koordinatorun məlumatına münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Vilayət müəllim, Sizi təbrik edirəm və işlərinizdə uğurlar arzulayıram.
Gündəliyin növbəti məsələsinə keçirik, hörmətli deputatlar. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi haqqında Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verəcək. Aqiyə xanım, buyurun.
A.Naxçıvanlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə “Uşaq hüquqları haqqında” və “Telekommunikasiya haqqında” qanunlara  dəyişikliklər edilməsi barədə məsələlər bir məktubla Milli Məclisə daxil olmuşdur. Dəyişikliklər uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunmasının müvafiq qanunla tənzimlənməsini, telekommunikasıya operatorlarının uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanları ilə təmin etmək vəzifəsini, eləcə də telekommunikasiya istifadəçilərinin bu cür informasiyalardan qorunması məqsədi ilə müvafiq tədbirlər görülməsini tele-kommunikasiya operatorlarından tələb etmək hüququnu nəzərdə tutur. Cənab Prezident tərəfindən uşaq qanunvericiliyinə əlavə olunması üçün təqdim olunan təkliflər mən deyərdim ki, sosial sifarişin nəticəsidir. Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan onların qorunması ilə bağlı məsələlərin qanunvericilik aktlarında təsbit olunmasına çox böyük ehtiyac vardır.
Birinci məsələ – “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi olduğu kimi qalır, yəni Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq hər bir uşağın əqli və fiziki inkişafı üçün zəruri olan istənilən məlumatı axtarmaq, əldə etmək, ötürmək və yaymaq hüququ vardır. Buraya ikinci hissə əlavə olunur: “Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması müvafiq qanunla tənzimlənir”. Həmkarlarımdan xahiş edərdim, bu məsələnin vacibliyini nəzərə alaraq qəbul edilməsi üçün lehinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun, Aqiyə xanım. Qanun layihələri ilə bağlı müzakirəyə yazılanlar var. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Qeyd olunan qanunlarda müvafiq dəyişikliklərin aparılmasını dəstəkləyirəm. Müasir dövrdə informasiya, kommunikasiya texnologiyalarından istifadə olunması hamı üçün əlçatan olmuşdur. İnternet insan həyatının ayrılmaz hissəsinə çevrilmişdir və internetsiz həyat təsəvvür etmək çətindir. Ölkəmizdə tam internet azadlığı təmin olunmuşdur. Amma bu da özü ilə müəyyən problemlər gətirir, yəni  gənc nəslin psixoloji tərbiyə olunmasında internet böyük rol oynayır. Uşaqların əksər hissəsi vaxtlarının çoxunu internetlə bağlayırlar. İnternetdən gələn informasiya və görüntülər uşağa psixoloji təsir göstərir və onu real həyatdan təcrid edərək virtual məkana üz tutmasına səbəb olur. Uşaqlarda özünə qapanma, ünsiyyətdən uzaq olmağa meyillilik çoxalır. Bu da onların böyüyəndə ictimaiyyətə inteqrasiya olunmasında çətinlik yaradır. Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması üçün qeyd olunan qanun layihəsini dəstəkləməklə yanaşı, iki təklifimi bildirmək istəyirəm.
Birinci, bunun qarşısını almaq üçün ilk növbədə valideynlər bu işə daha diqqətlə yanaşmalıdırlar. Hər bir valideyn uşağının normal, psixoloji sağlam tərbiyə olunmasında yaxından iştirak etməyə borcludur. Buna görə də uşağın saatlarla kompüter arxasında və ya telefonla internetdə olmasına icazə verilməməlidir. Valideynlərə bununla bağlı nəzarəti gücləndirməyi, internetdən müəyyən məhdudiyyətlərlə istifadə edilməsini təmin etməyi təklif edirəm.
İkinci, bu vəziyyət qanunlarla tənzimlənməlidir. Bu gün bizə təqdim olunmuş “Telekommunikasiya haqqında” Qanunda ediləcək dəyişikliklər də uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə  imkanlarını təmin edəcək. İnternetdən istifadə etməklə bağlı başqa qanunlarda da dəyişikliklərin edilməsini vacib sayıram. Düşünürəm ki, ümumiyyətlə, internet şəbəkəsinə buraxılan informasiyalar süzgəcdən keçirilməlidir. Mentalitetimizə uyğun gəlməyən, çarx halında buraxılan reklam informasiyaların qarşısı alınmalıdır. İnternet məkanında olduğumuz zaman özümüzdən asılı olmayaraq, səhifədə elə reklam çarxları   peyda olur ki, bunu görəndə nəinki uşaq psixologiyası, hətta böyüklərin psixologiyası da müəyyən qədər pozula bilər. Ona görə də bu sahədə müəyyən tənzimlənmənin aparılmasının tərəfdarıyam və təqdim olunan qanun layihəsini dəstəkləyirəm.
Sədrlik edən. Sağ olun, Azər müəllim. Aqil Abbas.
A.Abbas. Ziyafət müəllim, mənim  fikirləşdiklərimi Azər müəllim dedi, yəni internet saytlarını süzgəcdən keçirmək olar. Valideynlərin öhdəsinə buraxsaq, valideyn “baxma” deyəcək, onda uşaq daha çox baxacaq. Amma dediyi ikinci məsələ ki var, həqiqətən, ciddi məsələdir. Bu, bütün dünyada var, süzgəcdən keçirilmə, gözəl də tərcümə etdiniz. Bizim televiziyalarımız da bu işdə ciddi olmalıdırlar. Çünki bəzən elə filmlər, cizgi filmləri verirlər ki, uşaqlara böyük zərbə vurmuş olur. Televiziya rəhbərlərinə bunu qadağan eləmək mümkün deyil, amma hər halda tövsiyə eləmək mümkündür. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Aqiyə xanım, mən mətnə baxıram, burada ziyan vuran informasiyadan söhbət gedir. Təbii, indi internet resurslarında, ya televiziyada ziyan olduğu açıq-aşkar görünən məlumat ola bilər. Amma elə ola bilər ki, sətiraltı informasiya gedə bilər, yəni açıq şəkildə görünməz. Demək istəyirəm, bu, hansı meyarlarla müəyyən olunacaq, kim bunu müəyyən edəcək ki, ziyan vuran informasiyadır, yoxsa ziyan vuran informasiya deyil, belə bir ölçü vahidi varmı? 
A.Naxçıvanlı. İkinci məsələni – telekommunikasiya haqqında layihəni biz bu gün müzakirə edəcəyik, orada onlar öz əksini tapıb.
Sədrlik edən. Tahir Mirkişili, buyurun.
T.Mirkişili. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Ziyafət müəllim, əslində, bu gün internet kifayət qədər böyük bir qüvvədir, nə qədər fayda gətirirsə, bir o qədər də ziyanı və təhlükələri mövcuddur. Bir çox dünya ölkələri öz təcrübələrində buna qarşı özlərinəməxsus, amma demək olar ki, oxşar metodlarla mübarizə aparırlar. Məsələn, Avropa Birliyinin ayrıca qaynar xətti var, bununla bağlı qara siyahılar var, ayrıca xüsusi orqanlar var. Böyük Britaniyada xüsusi intellekt müşahidə şurası var. Bütün təcrübələr göstərir ki, dünya ölkələri bununla inzibati formada mübarizə aparmağa məcburdurlar. Misal üçün, Avropa Birliyinin son qara siyahısının martın 1-nə olan məlumatına görə bu qara siyahıda 5000-dən artıq sayt mövcuddur ki, uşaqlara partlayıcı maddələrin hansı formada hazırlanmasını təqdim və təşviq edir. Bu, kifayət qədər ciddi məsələdir.
Azərbaycanda bildiyimiz kimi, internet azaddır, Azərbaycan  söz və ifadə azadlığı  olan az ölkələrdən biridir. Amma bununla yanaşı, bundan təhlükəsiz  istifadə etmək imkanları da mövcuddur. Bununla bağlı bir az öncə qeyd etdiniz, mən də bu məsələlərə xüsusi diqqət vermək istərdim ki, qanun layihəsində, xüsusilə ikinci hissədə olan dəyişikliyin həyata keçirilməsində iki böyük maneə vardır. Birincisi zərər vuran informasiyanın meyarlarının müəyyən olunmasıdır, yəni hansı informasiyalar, ümumiyyətlə, ziyan vurur və bu, necə müəyyən olunacaq? İnformasiya daim yenilənir, onu birdəfəlik müəyyən etmək mümkün deyil. Dünya ölkələrinin bir çoxunda bununla bağlı bir çox qanun var. Misal üçün, Rusiya 2012-ci ildə bununla bağlı xüsusi qanun qəbul eləyib, Almaniyada və Böyük Britaniyada da bu qanun var. Mən təklif edirəm ki, bu meyarların müəyyən olunması və yenilənməsi ilə bağlı ayrıca qanun layihəsi qəbul eləyək.
İkinci hissə məsələnin texniki hissəsidir. Əslində, bu gün texniki cəhətdən istifadəçilərin özünün belə bir imkanı mövcuddur. Hər bir insanın öz kompüterində, öz telefonunda, proqram ayarlarında xüsusi ayarlar mövcuddur ki, bunların vasitəsilə, – biz ona “valideyn nəzarəti” deyirik, –  belə süzgəcləri həyata keçirsin. Amma mən təklif edərdim ki, bu süzgəclər, ümumiyyətlə, ümummilli bir məsələyə çevrilsin. Çünki bu məsələlər kifayət qədər ciddi məsələlərdir və meyarlar müəyyən ediləndən sonra nəinki abunəçinin öz arzusu əsasında, hətta ümumi bir qərar əsasında ölkə miqyasında terrorçuluğu təlqin edən, zərərli informasiyalar tərbiyə edən saytlar  süzgəcdən keçirilsin. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Bu qanun layihəsində əks olunan məsələ 2014-cü ildə cənab Prezidentin təsdiq etdiyi İnsan alverinə qarşı mübarizəyə dair fəaliyyət planında müəyyən edilmişdi. Bu qanun layihəsinə baxsaq, burada söhbət yeni bir qanunun hazırlanmasından gedir, yəni bu əlavənin mahiyyəti ondan ibarətdir ki, yeni bir qanun hazırlanmalıdır və bu qanunda da həm Ziyafət müəllimin qaldırdığı “sətiraltı” məsələ, həm də digər məsələlər daha ətraflı  tənzimlənməlidir. Mən, sadəcə, bu qanunu hazırlayacaq işçi qrupa onun hazırlanması üçün bəzi məsələləri təklif olaraq qeyd etmək istəyirəm. Burada ilk olaraq mobil telefonlardan gələn təhlükələr, açıq internet ehtiyatlarında, WiFi şəbəkəsində olan təhlükələr, internet klublarda olan məsələlər göstərilməlidir. Uşaqların həyətdə, ictimai yerlərdə istifadə etdikləri  internet oyunlarını, mobil telefonlarda olan oyunları bəzən təhlükəsiz hesab edirik. Hesab edirik ki, uşaq hər hansı bir oyundan istifadə edirsə, bunun heç bir sıxıntısı yoxdur. Amma oyun prosesində oradan digər linqlərə təkliflər gəlir və uşaq hiss etmədən artıq psixoloji və hətta fiziki təzyiqlərə məruz qalır.
Təklif edilən ikinci qanun – “Telekommunikasiya haqqında” Qanun isə bu problemi qismən həll edir.  Bu qanunun mahiyyəti budur ki, internet provayderinin üzərində vəzifə müəyyən edir ki, valideynin müraciəti əsasında bu məlumatları məhdudlaşdırsın. Valideynlərə də, eyni zamanda, hüquq verir ki, belə bir  müraciət edə bilsinlər. Hesab edirəm ki, yaxşı bir qanundur, çünki hər valideyn kompüterin özündə, telefonunda “Ayarlar” bölməsində bu dəyişiklikləri edə bilər. Ancaq nəzərə alaq ki,  hər valideynin texniki bilikləri eyni deyil, bu baxımdan onun müraciət əsasında bunu etməsi, hesab edirəm ki, yaxşı bir haldır. Ümumi olaraq  belə bir qanun qısa müddətdə hazırlanmalıdır. Tahir müəllim də qeyd etdi, Rusiyada da, Qazaxıstanda da bu təcrübə var, Böyük Britaniyada isə, ümumiyyətlə, uşaqlar üçün bu cür məlumatlara çıxış qadağan edilmişdir. Mən hesab edirəm ki, hətta burada məlumatların uşaqların yaş kateqoriyasına görə təsnifatlaşdırılması məsələsinə də baxıla bilər. Bu baxımdan mən də hörmətli həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm və ümidvaram ki, yeni bir qanunu da biz tezliklə müzakirə edəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Ülviyyə Ağayeva.
Ü.Ağayeva. Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri və media nümayəndələri! Təbii ki, qanun layihəsində ediləcək dəyişikliklə razıyam. Mən də lehinə səs verəcəyəm, ancaq bir məsələyə toxunmaq istəyirəm. Bu gün mətbuatda və sosial şəbəkələrdə uşaqların valideynləri tərəfindən, şagirdlərin isə müəllimləri tərəfindən psixoloji və fiziki təzyiqə məruz qalması hallarına teztez rast gəlirik. Belə hallar yalnız Azərbaycanda deyil, bütün dünyada mövcuddur. Ona görə də uşaq hüquqlarının müdafiəsi dünyada ən aktual məsələlərdən biridir və ölkəmizdə də uşaq hüquqlarının  qorunmasına xüsusi önəm verilir.
Bu yaxınlarda millət vəkili seçildiyim Ağstafa rayonunda baş verən dəhşətli hadisə, övladın atası tərəfindən döyülərək qətlə yetirilməsi və ondan bir ay əvvəl Beyləqan rayonunda 6 yaşlı günahsız uşağın valideynləri arasında mövcud olan gərgin münasibətin qurbanına çevrilərək atası tərəfindən qətlə yetirilməsi hadisəsi artıq bu məsələ ətrafında çox ciddi müzakirələrə ehtiyac olduğunu göstərir. Təbii, demək olmaz ki, uşaqların döyülməsi Azərbaycanda kütləvi hal alıb, lakin belə hallar çoxdur və çox təəssüf ki, sayı artmaqdadır. Təəssüf edirəm ki, uzaqların döyülməsi artıq bir tərbiyə metoduna çevrilib. Əksər rayonlarda faciəvi sonluqla bitən hadisələri araşdırdıqda məlum olur ki, uşaq hansısa bir şıltaqlığının, kiçik bir səhvinin ucbatından öz doğma valideynləri tərəfindən döyülərək şikəst edilir, qətlə yetirilir və ən yaxşı halda isə ağır nəticələrə gətirib çıxaran psixoloji zədə alır. Düşünürəm ki, cəmiyyətdə bu kimi halların şahidi olan insanlar tərəfindən laqeydlik olmasa, vaxtında aidiyyəti üzrə qaynar xətlərə, aidiyyəti qurumlara müraciət olunsa, gələcəkdə baş verə biləcək bir faciənin qarşısı alına bilər. Təəssüf hissi ilə onu da qeyd etmək istəyirəm ki, məktəblərdə də belə hadisələr baş verir, uşaqlara qarşı fiziki təzyiq olur.
Məktəb uşağın ikinci ailəsidir. Müəllimin qarşısında duran ən ümdə vəzifələrdən biri də uşağın bir şəxsiyyət kimi formalaşmasında rol oynamaqdır. Uşaq gələcəyin şəxsiyyətidir. Uşağın sağlam tərbiyəsi ailədən başlayırsa, bir şəxsiyyət kimi formalaşması prosesi də məktəb illərində baş verir. Onu vuraraq, təhqir edərək, şəxsiyyətini alçaldaraq cəmiyyətimiz üçün sağlam düşüncəli vətəndaş yetişdirə bilmərik. Mən bir millət vəkili olmağımdan əlavə pedaqoji təcrübəsi olan mütəxəssis kimi, şəxsi təcrübəmdən çıxış edərək demək istəyirəm ki, “pis şagird” və “pis uşaq” anlayışı yoxdur, “səriştəsiz müəllim” anlayışı var. Uşaq dərsdə müəllimi dinləmirsə, demək, müəllim dərsi düzgün təşkil eləmir, şagirdləri maraqlandıra bilmir. Müəllimlik elə bir peşədir ki, bu peşəyə yiyələnən insanın məqsədi, sadəcə, maddi tələbatını ödəmək olmamalıdır. Onun tədris etdiyi fənnə və uşaqlara qarşı qəlbində böyük məhəbbət olmalıdır. Təbii ki, bizim çox gözəl müəllimlərimiz var, böyük pedaqoqlarımız var, onlardan çox böyük dərslər almışıq, pedaqoji təcrübələrindən bəhrələnmişik. Lakin onu da qeyd edim ki, mən hələ özüm orta məktəbdə təhsil aldığım dövrdə, tələbəlik illərində orta məktəblərdə pedaqoji təcrübələrə getdiyim zaman və sonra məktəblərdə uşaqların bir çox müəllim tərəfindən fiziki və psixoloji təzyiqə məruz qalması faktları məni hər zaman düşündürüb və bu barədə danışarkən həyəcan hissi keçirməyə bilmirəm. Bu gün məktəblərdə bu kimi xoşagəlməz hallar baş verdikdə onların aradan qaldırılması istiqamətində Təhsil Nazirliyi tərəfindən dərhal tədbirlər görülür. Elə hadisələr olur ki, onlar ictimailəşdirilmir. Belə halların, ümumiyyətlə, baş verməməsi üçün qanunla tənzimlənmə olmalıdır. Uşaq hüquqlarının qorunması ilə bağlı bizim çox gözəl qanunlarımız var. Sadəcə, düşünürəm ki, bu qanunların sərtləşdirilməsinə və maarifləndirmə işlərinin daha çox aparılmasına ehtiyac var.
Əksər dövlətlərdə bu kimi halların qarşısı qanunla alınır. Avropa ölkələrində uşaqların döyülməsi hallarına rast gəlinmir. Lakin ailələrdə belə hallar baş verirsə, valideynlər valideynlik hüququndan məhrum olunur. Mən valideynlərin valideynlik hüququndan məhrum edilməsinin tərəfdarı deyiləm. Sadəcə, düşünürəm ki, valideynlər üçün sərt cəza tədbirləri tətbiq edilsə, kifayətdir. Çünki uşaqları döyməklə tərbiyə etmək düzgün deyil, uşağa səhvini izah etmək lazımdır. “Olmaz” ifadəsi işlənirsə, bu ifadəni izah etmək lazımdır. Bu mənim subyektiv fikrimdir, bilirəm ki, fikrimə tənqidi münasibət bəsləyənlər də olacaq. İstənilən halda qeyd etməliyəm  ki, fiziki və psixoloji təzyiq tərbiyə metodu deyil və bu yolla heç bir zaman nailiyyət əldə etmək olmaz. Çox istərdim ki, millət vəkilləri fikrimi dəstəkləsinlər və biz tezliklə uşaqların hüquqlarını müdafiə edən qanun layihəsinin  sərtləşdirilməsinə  nail olaq. Təşəkkür edirəm.
Sədrlik edən. Sona Əliyeva.
S.Əliyeva. Hörmətli Ziyafət müəllim, hörmətli sədarət və millət vəkilləri! Mən bu gün qanun layihəsinin, təbii ki, lehinə səs verəcəyəm və bu, günün, cəmiyyətin, ümumiyyətlə, qloballaşan dünyanın bir zərurətidir. Təbii ki, bizim dünyəvi, demokratik, hüquqi dövlət quruculuğu yolunu seçmiş ölkəmizdə insan və vətəndaş hüququ və azadlıqlarının təmini, eləcə də uşaq hüquqlarının müdafiəsi dövlət siyasətinin prioritet istiqaməti kimi müəyyən olunmuşdur. Lakin bu gün məni bir valideyn kimi narahat edən əsas məsələlərdən biri sosial şəbəkələrlə bağlıdır. Sosial şəbəkələrdə həddindən artıq böyük bir təhlükə var. Bizim də övladlarımızı o sosial şəbəkələrdən qoruma imkanlarımız məhduddur. Biz baxsaq, görərik ki, orada nə qədər qeyri-etik, düzgün olmayan şeylər var, eyni zamanda, müxtəlif dini radikalizmlə bağlı çağırışlar, müxtəlif kiber cinayətlərə, eləcə də müxtəlif cinsi istismara təhriklərlə bağlı çağırışlar, təkliflər, dostluqlar göndərilir, təbliğ edilir və bundan qorunmaq məsələsini güman edirəm ki, biz düşünməliyik.
Eyni zamanda, təbii ki, uşaqların sağlamlığına təhlükə yaradan,  onların nəinki fiziki, əqli, eyni zamanda, mənəvi inkişafına da çox böyük mənfi təsir göstərməkdə davam edən müəyyən informasiyalar var. Biz dəfələrlə yetkinlik yaşına çatmayan qızların evdən qaçmasının şahidi olmuşuq. Artıq bunlar getdikcə daha ənənəvi bir hala çevrilməyə başlayır və bu təhlükələrdən uşaqlarımızı qorumaq üçün təbii ki, bir çox vasitələrə əl atmalıyıq. Mən güman edirəm ki, tədrisin məzmununa əsasən bu, Təhsil Nazirliyinin öhdəliyinə düşən bir işdir. Orta məktəblərdə “Həyat bilgisi” dərsliyindən istifadə  olunur. “Həyat bilgisi” dərsliyində güman edirəm ki, bununla bağlı, ümumiyyətlə, sosial şəbəkələrdə və internetdə təhlükəsizliklə bağlı  mövzular tədrisin məzmununda mütləq öz əksini tapmalıdır. Bütün təhsil müəssisələrində, əsasən də, ümumorta məktəblərdə bununla bağlı müxtəlif maarifləndirici stendlər hazırlanmalı və uşaqlarla  müxtəlif təbliğat işləri aparılmalıdır. Ona görə ki, bütün təhlükənin mənbəyi əsas olaraq bizim gənclərdən, uşaqlardan, şagirdlərimizdən başlayır. Güman edirəm ki, bununla bağlı biz çox diqqətli olmalıyıq. Təbii ki, burada, eyni zamanda, internet provayderlərinin və yaxud da müxtəlif online məzmun və xidmətlərindən çıxış təminatı edən şirkətlərin üzərinə də müəyyən məsuliyyət düşür. Belə ki, onlar mütləq və mütləq bu online virtual həyatda insanların öz hüquqlarını necə müdafiə etmələri, hansı hüquq formalarından necə istifadə etmələri ilə bağlı müxtəlif təbliği mövzularda  müəyyən linklərdən istifadə etməli, müəyyən mövzularda mütləq çıxışlar etməlidirlər ki, hər bir internet istifadəçisi bununla bağlı məlumata malik olsun. Yəni hər bir valideyn, eləcə də bundan istifadə edən yeniyetmə öz hüquqlarını necə müdafiə edəcəyi ilə bağlı müəyyən bir məlumata malik olmalıdır.
Mən digər həmkarlarımın da səsləndirdiyi fikirlərlə razılaşıram və onları təkrarlamaq istəmirəm. Bizim komitə tərəfindən bununla bağlı qanun layihəsi hazırlanmaqdadır, yəqin ki, Aqiyə xanım bununla bağlı özü məlumat verəcəkdir. Mən güman edirəm ki, bu, bugünün və cəmiyyətin həm sifarişidir, həm də tələbatıdır. Diqqətinizə görə təşəkkür edirəm, çox sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Hörmətli deputatlar, saat artıq 2-dir, 3-ə işləyib. Mən bir məsələni sizinlə müzakirə etmək istəyirəm. Bizim gündəlikdə məsələlərimiz o qədər də çox deyil. Əgər etiraz etməsəniz, biz fasiləsiz işləyək, iclasa davam edək. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Məlahət İbrahimqızı, buyurun.
M.İbrahimqızı. Çox sağ olun, Ziyafət müəllim. Həqiqətən də müzakirə olunan hər iki qanun layihəsi, daha doğrusu, onlara irəli sürülmüş düzəlişlər, təkliflər  hesab edirəm ki,  hər bir millət vəkilinin ürəyindəndir. Eyni zamanda da, millət vəkillərini  seçmiş seçicilərin ürəyindəndir. Sözsüz ki, bu gün hər birimiz  nəşr mətbuatından daha çox internet mediasını izləyirik. Bu bizim səhər  ehtiyacımız kimidir. Biz səhər yeməyi yeməmiş birinci, kompüteri açırıq, internetə qoşuluruq və mətbuatı izləyirik.
Mən buradakı dəyişikliklərlə bağlı qısaca fikirlərimi demək istəyirəm. Məsələn, yazılır ki, abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiya. Mənə elə gəlir,  hər bir valideyn istəyər ki, normal, ağlı başında olan övlada sahib olsun, onun uşağına nə mənəvi, nə də fiziki cəhətdən bir ziyan dəysin. Bu, elə bil bir növ kosmetik dəyişiklik kimi olur və  burada qeyd olunur ki, yeni qanun qəbul olunsun. Biz tezliklə bu qanunun mükəmməl bir qanun olmasının arzusundayıq. Bizim mövcud qanunvericiliyimizdə belə bir maddə var.  Pornoqrafik materialların, nəşrlərin yayılması cinayət məsuliyyəti daşıyır. Uşaqlarımıza tutaq ki, evdə senzura qoyuldu. Amma uşaqlar məktəbdən çıxır, internet kluba gedir, hər uşağın əlində valideynləri tərəfindən alınmış iPhone, iPad, nə bilim nə və sair var. Bunlar necə tənzimlənəcəkdir? Ona görə biz  gözləyirik ki, ən qısa zamanda komitə ayrıca bir qanun  ərsəyə çıxarsın və parlamentin müzakirəsinə  təqdim etsin. Bayaq çox hörmətli Vüqar müəllim qeyd etdi, bir çox ölkələrdə bu var. Türkiyənin özündə də artıq ölkə üzrə belə bir senzura qoyulub ki, belə  reklamların yayılması  cinayət məsuliyyəti ilə tənzimlənsin. Mən bunu dəstəkləyirəm və gözləyirik ki, tezliklə belə bir qanun müzakirəyə buraxılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aqiyə xanım, buyurun.
A.Naxçıvanlı. Ziyafət müəllim, görünür, biz ikinci məsələni müzakirəyə vermədik deyə, bu suallar ortaya çıxdı. İcazə versəydiniz, bizə təqdim olunan Telekommunikasiya haqqında qanun layihəsi haqqında da məlumat verərdim və sonra sözümü deyərdim. Milli Məclisə təqdim olunan ikinci məsələ “Telekommunikasıya haqqında” Azərbaycan Respublikası Qanununa 3 yeni maddənin əlavə olunmasıdır. Təklif olunan əlavələr bunlardır. Deməli, 33.1.3-1. Abunəçinin müraciəti əsasında uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək. İkinci əlavə, 34.1.2-1. Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün tədbirlər görülməsini tələb etmək. Üçüncü. 40.3.7-1. Bu qanunun 33.1.3-1-ci maddəsində göstərilmiş vəzifənin həyata keçirilməsi üçün abunəçinin razılığı  (etirazı).
Bununla  bağlı demək istəyirəm ki, bir çox təkliflər verildi, amma Sona xanımın bugünkü çıxışı məni çox  təəccübləndirdi. Çünki başqaları bilməyə bilər, amma komitə üzvlərimizin hamısı bilir ki, hazırda komitəmiz tərəfindən uşaqların inkişafına və sağlamlığına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihəsi hazırlanır. Demək olar ki, o layihə hazırdır və artıq Aparat rəhbərliyinə təqdim edilibdir. Gələcəkdə biz bunu başqa təşkilatlara da rəyə verəcəyik. Bu iki qanunun vacibliyini nəzərə alaraq və sosial tələbat baxımından xüsusi əhəmiyyət kəsb etdiyi üçün həmkarlarımdan xahiş edərdim ki, bu qanunların lehinə səs versinlər. Çox sağ olun.
Sədrlik edən. Yaxşı, biz kifayət qədər müzakirə etdik. Təzədən müzakirə açmağa ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamınız müdafiə etdiniz, doğrudan da, bunlar zəruri qanun layihələridir, çünki uşaq hüquqlarının qorunması çox ümdə bir məsələdir. Ona görə hesab edirəm ki, etiraz edən olmayacaq,  gəlin, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyurun, Valeh müəllim.
V.Ələsgərov. Yeganə bir şey xahiş etmək istəyirəm. Bir-birimizin çıxışlarımıza diqqətli olaq. Bayaq gənc deputatımız Sona xanım Əliyevanın çıxışında bizə məlumat verildi ki, yeni qanun hazırlanır, komitə müzakirə edir və o qanun yəqin ki, hansı isə bir zamanda təqdim ediləcəkdir. Bu sözü bu xanım demişdi. Çox sağ olun.
Sədrlik edən. Yaxşı, buyurun, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.15 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Rafael Hüseynov. Buyurun, Rafael müəllim.

R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Təşəkkür edirəm. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanunun layihəsinin mahiyyəti ilə bağlı fikrimi söyləməzdən öncə diqqəti bir məqama yönəltmək istəyirəm. İş ondadır ki, bu əlavə və dəyişikliklər, əslində, bir il öncə başqa bir qanunun kontekstində burada, Milli Məclisdə müzakirə edilərək təsdiqlənib. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında 2015-ci il 20 oktyabr tarixli qanunda bu məsələlər hamısı təsbit olunub. Bunu ona görə diqqətə çatdırıram ki, bəzən bu cür texniki səciyyəli məsələlər, yəni qanunların bir-birinə uyğunlaşdırılması, Azərbaycanın qanun şəbəkəsində daxili koordinasiyanı təmin etməyə yönəlmiş müzakirələr sanki yeni dəyişikliklər kimi qavranılır. Ona görə də onun ətrafında çox geniş müzakirələr açılır. Əslində isə bu, sadəcə, bir texniki dəyişiklikdir, ayrı-ayrı qanunların uzlaşdırılması, uyğunlaşdırılması mahiyyətini daşıyır. İndi isə həmin dəyişikliklərin mahiyyəti haqqında.
“Kütləvi informasiya vasitələri haqqında” Qanunun 11-ci maddəsi “İnformasiyanın yayılmasına, informasiya mənbəyinin açıqlanmasına yol verilməyən xüsusi hallar” adlanır. İndi həmin maddəyə 4-cü bəndin əlavə edilməsi nəzərdə tutulur. Bu, mövcud qanunda belə idi: “Cinayət etməkdə təqsirləndirilən yetkinlik yaşına çatmayanların və ya qanuni nümayəndələrinin razılığı olmadan onların şəxsiyyəti barədə hər hansı məlumatı yaymasına yol verilmir”. Bunun çərçivəsi bir qədər də genişləndirilir. Yalnız yetkinlik yaşına çatmayanlar və ya onların qanuni nümayəndələrinin razılığı kimi deyil, bir az da geniş verilir. Bu, qanunda yetkinlik yaşına çatmayan şübhəli, təqsirləndirilən və ya zərər çəkmiş şəxslərin şəxsiyyəti barədə hər hansı məlumatların həmin şəxslərin və onların qanuni nümayəndələrinin razılığı olmadan yaymasına yol verilmir şəklində təsdiq olunur.
Digər əlavə isə bundan ibarətdir ki, həmin maddəyə  3-1-ci bənd əlavə olunur. Bu da belə səslənir ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində nəzərdə tutulmuş qaydada tərtib edilən və “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sənədləşdirilmiş informasiya hesab edilən cinayət təqibi üzrə icraat materiallarının surətlərini olduğu kimi yaymasına kütləvi informasiya vasitəsi olan redaksiyanın və ya jurnalistin icazəsi, yəni ixtiyarı yoxdur. Bunun fəlsəfəsi nədən ibarətdir? Bununla bağlı istəyirəm, bir-iki kəlmə sözümü deyim. Bir il öncə bununla bağlı burada kifayət qədər  müzakirələr oldu. Siz hamınız buna yekdilliklə səs verdiniz. Mahiyyət ondan ibarətdir ki, bəzən mətbuat səhifələrində sensasiya xatirinə journalistlərin təcrübəsizliyi ucbatından geniş kütlələrə elə məlumatlar təqdim edilir ki, bu, əslində, hansısa bir təhqiqat prosesinin pozulmasına, istintaqın məxfiliyinin müəyyən qədər zədə görməsinə, müəyyən hallarda hansısa şəxsiyyətin təhlükə ilə üzləşməsinə meydan yaradır. Ona görə də düşünürəm ki, bu halda 11-ci maddənin 3-cü bəndindən sonra 3-1-ci bəndin artırılması tamamilə yerindədir və doğrudur.
Digər tərəfdən 4-cü bəndin əlavə edilməsi  yenə insan haqlarının bilavasitə müdafiəsi çevrəsini genişləndirir.  Düşünürəm ki, bu da həmin qanunu, yəni Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsini daha mükəmməl edir və həmin o mükəmməlliklə qanunlar şəbəkəsində koordinasiya tam təmin olunsun deyə, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna da əlavə edilir. Mən həmkarlarımı artıq bir il öncə qəbul edib təsdiqlədiyimiz həmin müddəaların “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda əks olunmasına səs verməyə dəvət edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Əli müəllim, bu məsələ  sizin komitədə də müzakirə olunub. Buyurun, xahiş edirəm.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən ona görə söz istədim ki, Rafael müəllimin fikirlərini davam etdirərək söyləyim ki, artıq bir ildir, bu qanun nəinki qüvvədədir, Cinayət-Prosessual Məcəlləsinin 227.7-ci maddəsi artıq hüquq mühafizə orqanları tərəfindən tətbiq olunur, yəni o baxımdan bizim bu məsələ ilə bağlı müzakirə açmağımızın heç bir mənası yoxdur. Sadəcə, mövcud qanun “Kütləvi informasiya vasitələri haqqında” Qanunu Cinayət-Prosessual Məcəlləsinə uyğunlaşdırır və mənim növbəti məruzələrim də ancaq texniki xarakter daşıyacaq. Xahiş edirəm, həmkarlarım bunu nəzərə alsınlar.
Sədrlik edən. Aydındır. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.21 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, bundan əvvəl məruzə etdiyimiz qanun və növbəti 5ci məsələ olan “Polis haqqında” Qanun, 6-cı məsələ olan “Cinayət işlərinə dair hüquqi yardım haqqında” və “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” qanunlar eyni bir zərfdədir. İcazə versəniz, hamısını birdən məruzə edərdim. Rafael müəllim artıq məruzə etdi. Bir il bundan əvvəl Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər etdik. Doğrudan da, çox mütərəqqi dəyişikliklər idi. Həmin müddəalar qüvvədədir,  hüquq mühafizə orqanları tərəfindən tətbiq olunur, amma aidiyyəti qanunlarda da, təbii, öz yerini tapmalıdır. Ona görə 5-ci məsələ olan “Polis haqqında” Qanun qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 101-7.5-ci maddəsinə uyğunlaşdırılır. Yəni tutulmanın səbəbi, şübhənin  mahiyyəti protokolda əksini tapmalıdır. Bu, Cinayət-Prosessual Məcəlləsində var, qüvvədədir, işləyir. “Polis haqqında” Qanunda da öz əksini tapacaq.
6-cı məsələ, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Qanun qüvvədə olan Cinayət-Prosessual Məcəlləsinin 488.2-ci maddəsinə uyğunlaşdırılır. Yəni həmin ifadə eyni ilə “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Qanuna köçürülür.
Nəhayət, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Qanun Cinayət-Prosessual Məcəlləsinin 489.3-cü maddəsinə uyğunlaşdırılır.
Hörmətli həmkarlarım, bir daha vurğulayıram ki, Cinayət-Prosessual Məcəlləsi qüvvədədir, təsdiq olunub. Hüquq mühafizə orqanları bu məcəllə ilə işləyirlər. Amma aidiyyəti qanunlarda bu müddəaların öz əksini tapması bizim qanunvericiliyin təkmilləşdirilməsinə xidmət edir. Ona görə də hörmətli millət vəkillərindən səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Rüfət müəllim, çıxış eləmək istəyirdiniz? Buyurun.
R.Quliyev. Hörmətli sədarət, hörmətli həmkarlar və hörmətli media nümayəndələri! Ziyafət müəllim, ekstradisiya ilə əlaqədar demək istəyirəm. Bir çox hallar olubdur, yəni mənə seçicilər yaxınlaşıblar,  görüşlərdə deyiblər. Azərbaycanda azərbaycanlının müəyyən  pozuntuları olub, vergidən uzaqlaşıb, qaçıb. Vergi orqanları da buna çox ciddi baxırlar. Cinayət işlədib başqa ölkələrə qaçıblar. İndi təsəvvür edin ki, interpol vasitəsi ilə bu adamlar həbs olunub və həmin ölkələrdə hüquq mühafizə orqanlarına təhvil veriliblər. O ölkələrin adlarını da çəkə bilərəm. İllər boyu bu adamlar orada yaşayır, hətta onları, belə deyək, türmədən də azad edirlər. Guya 3 gündən bir, 5 gündən bir gəlib qol çəkirlər. Amma ekstradisiya prosesi həyata keçirilmir. Baxmayaraq ki, bizim hüquq mühafizə orqanları tərəfindən bütün  təsdiqedici sənədlər bütövlüklə həmin qonşu ölkələrə təhvil verilib. Mən bilmirəm, ya çağırış, ya da xahiş edək. Mən özüm də belə məsələləri izləyib görürəm ki, Azərbaycanın iqtisadiyyatına külli miqdarda ziyan vuran,  fırıldaqçılıqla məşğul olub, insanları aldadan, vergidən külli miqdarda pul yeyənlər  xaricə qaçıb,  illər boyu orada  yaşayırlar. Bu insanların cinayətləri  təsdiqlənib, ancaq onlar sonda Azərbaycana qaytarılmır.  Bu da ona gətirib çıxarır ki, cinayət edənlər və başqaları fikirləşirlər ki, cinayət edib xaricə qaçmaq olar.
Sonda qeyd etmək istəyirəm ki, biz bütün konvensiyalara qoşulmuşuq. Bizim milli interpol büromuz, həqiqətən, çox güclü səviyyədə işləyir, vaxtlı-vaxtında bütün məlumatları ötürür, əlindən gələni edir. Sadəcə olaraq, bizim bəzi qonşu dövlətlərdə, – Türkiyənin, o cümlədən Rusiyanın adını çəkə bilərəm, –  illərlə  o məsələlər uzadılır və həmin azərbaycanlılar buraya  qaytarılmır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, 5-ci məsələyə, “Polis haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ, “Cinayət işlərinə dair hüquqi yardım haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, axırıncı məsələ, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi. Buyurun, səs verin, zəhmət olmasa. 

Səsvermənin nəticələri (saat 14.27 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Bununla da iclasımız sona çatır. Növbəti iclasın tarixi haqqında sizə məlumat veriləcək.


 
EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

29 aprel 2016-cı il
__________________________________________________________
Rüfət Quliyev. “Telekommunikasiya haqqında” Qanuna dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsində çox vacib bir məsələyə – abunəçinin uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyadan qorunması üçün internet informasiya ehtiyatlarından təhlükəsiz istifadə imkanlarını təmin etmək məsələsinə toxunulur. Həqiqətən internet saytlarında çox vaxt sensasiya xatirinə nəinki uşaqların, hətta böyüklərin də psixikasına ciddi təsir göstərən qorxunc materiallar yer alır. Saytları açan kimi harada avtoqəzaların, intihar, oğurluq, xuliqanlıq hallarının baş verməsi iri manşetlərlə verilir. Niyə saytlarda vətənpərvərlik mövzularına, uğurlu sahibkarların fəaliyyəti, təhsildə yüksək müvəffəqiyyətlərə nail olan şagird və tələbələr haqqında məlumatlara geniş yer verilmir? Niyə çox zaman yalnız  neqativ hallar diqqətə çatdırılır?
Bir məsələni xüsusilə qeyd etmək istəyirəm. Cəbhədə qəhrəmanlıq göstərən zabitlərimiz, əsgərlərimiz haqqında nədənsə ətraflı materiallar verilmir. Onların qəhrəmanlığı zəif təbliğ olunur. Bu yaxınlarda mən Lənkəranda şəhid Qalib Zülfüqarlının ailəsi ilə görüşəndə atası Laim kişi (o özü də 1990-cı illərdə uzun müddət Qarabağda vuruşub) bildirdi ki, onun leytenant rütbəli tağım komandiri olan oğlu Qalib öz yaralı əsgərini döyüş meydanından çıxaran zaman düşmən gülləsinə tuş gələrək həlak olub. Bu, əsl qəhrəmanlıqdır və geniş təbliğ olunmalıdır. Yəqin ki, belə vətənpərvərlik nümunələri çoxdur və onlar haqqında xalq bilməlidir. Bu məsələlər indiki şəraitdə diqqət mərkəzindən yayınmamalıdır.
Yeri gəlmişkən, yaxşı olardı ki, internet istifadəçilərinə göstərilən xidmətin səviyyəsi yüksəldilsin, internet xidmətinin fasiləsizliyi və dayanıqlığı təmin edilsin.

 *  *  *

Müzakirəyə çıxarılan “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi günün tələblərinə cavab verən bir layihədir. Müşahidələr göstərir ki, son vaxtlar cinayət əməlləri törətmiş şəxslər əksər hallarda qaçıb xarici ölkələrdə gizlənirlər. Azərbaycanda cinayət törətmiş xaricilərin verilməsi proseduru qanun layihəsində nəzərdə tutulduğu kimi, xaricdə gizlənən cinayətkar Azərbaycan vətəndaşlarının ölkəyə ekstradisiyası məsələsinə də xüsusi diqqət yetirilməlidir. Çox vaxt seçicilər bizə müraciət edirlər ki, kimsə onların etibarından istifadə edib külli miqdarda pulunu mənimsəyib aradan çıxıb və illərdir xarici ölkələrdə gizlənir.
Ölkədən belə qaçmaq halları xüsusilə vergidən yayınanlar arasında çoxdur. Vergi yoxlamaları zamanı böyük məbləğdə vergi borcları üzə çıxdıqda bəzi işbazlar tez ölkədən qaçmağa üstünlük verirlər. Həmçinin ağır cinayətlər törətmiş bəzi insanlar da xaricdə sığınacaq tapırlar və illərlə cəzasız qalırlar ki, bu da bizim hüquq mühafizə orqanlarına olan inamı sarsıdır. Belələrinin ekstradisiyası isə müşkül məsələyə çevrilir. İnterpol xəttilə axtarışa verilən və yeri də müəyyənləşdirilən belə şəxslər nədənsə xarici ölkələr tərəfindən illərlə Azərbaycana təhvil verilmir və necə deyərlər, “cinayət cəzasız qalır”. Yaxşı olardı ki, bu məsələ də diqqətdə olsun.
Sədaqət Vəliyeva. Hörmətli həmkarlar! İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatını təqdir edirəm. Çünki sözün həqiqi mənasında bu gün ölkəmizdə aparılan sistemli işlərin, əməli fəaliyyətin və həyata keçirilən qanunvericiliyin nəticəsi olaraq transmilli cinayətkarlığın təhlükəli növü olan insan alverinə qarşı möhkəm təməl formalaşıb. İllər öncə insan alverinin qurbanı olmuş insanların şikayəti, acı taleyi haqqında tez-tez eşidərdik. Lakin işin hərtərəfli qurulması, dövlət orqanları ilə vətəndaş cəmiyyəti institutlarının birgə fəaliyyəti nəticəsində bu sahədə görülən işlər uğurlu olub. Hətta beynəlxalq təşkilatlar hesabatlarında Azərbaycanda insan alverinə qarşı mübarizə sahəsində həyata keçirilən işləri təqdir edirlər.
Amma nəzərə almaq lazımdır ki, Azərbaycan insan alveri üçün tranzit və mənbə ölkə olmamaqdan ötrü ardıcıl olaraq mübarizə tədbirlərini daha da gücləndirməlidir. Bu işdə vətəndaş cəmiyyətləri institutları dövlət orqanları ilə koordinasiyalı şəkildə fəaliyyət göstərməlidirlər. Əsasən də bu cinayətin qurbanı olmuş insanların psixoloji vəziyyəti, onların cəmiyyətə adaptasiyası fəaliyyətin ən vacib məqamlarındandır. Qeyd edim ki, ötən beş il ərzində yalnız bir dəfə uşağın istismara məruz qalması faktı ilə qarşılaşmışam. O zaman “Təmiz dünya” təşkilatına və aidiyyəti qurumlara müraciət etməklə problem qısa müddət ərzində öz həllini tapmışdı. Məhz bu cür koordinasiyalı fəaliyyətə görə bir daha İnsan alverinə qarşı mübarizə üzrə milli koordinatorun illik məlumatını yüksək qiymətləndirirəm. 


 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi