2016-ci il 6 may tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
III SESSİYASI İCLASININ

PROTOKOLU № 17

Milli Məclisin iclas salonu.
6 may 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 90
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Qürbət Əsgərov, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.
Vəfaddin İbayev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.
Zakir Quliyev, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimliyinə namizəd.
Rəşadət Ağayev, Şirvan Apellyasiya Məhkəməsinin hakimliyinə   namizəd.

 *  *  *

Sahil Babayev, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Kamran Əhmədov, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sektor müdirinin əvəzi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında.
3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
16. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

Aşagıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

2. R.Ə.Ağayevin Şirvan apellyasiya məhkəməsinin hakimi təyin edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Aqiyə Naxçıvanlı, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında”  Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Əflatun Amaşov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

8. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 92
Nəticə: Qəbul edildi

9. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Elmira Axundova, Araz Əlizadə, Vahid Əhmədov, Cavid Qurbanov, Eldar Quliyev, Əflatun Amaşov, Hikmət Məmmədov, Çingiz Qənizadə, Adil Əliyev, Siyavuş Novruzov, Xanhüseyn Kazımlı, İlham Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 79
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

12. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Elmira Axundova, İlham Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

13. “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

14. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

15. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

16. Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş) .

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Çingiz Qənizadə, Valeh Ələsgərov

Təklif: Layihə ikinci oxunuşda əsas kimi qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihənin adı, preambulası,  1–20-ci  maddələri qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Təklif: 21–31-ci maddələr  qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Təklif: Layihə ikinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV


MİLLİ MƏCLİSİN İCLASI

6 may 2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.06 dəq.)
İştirak edir 90
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda gündəliyin müzakirəsinə keçirik. Birinci məsələ Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi ilə bağlı Milli Məclisə təqdimat daxil olmuşdur. Məlumat üçün qeyd etmək istəyirəm ki, 3 nəfər hakimin səlahiyyət müddətinin başa çatması ilə əlaqədar məsələyə Məhkəmə-Hüquq Şurasında baxılmışdır. Məhkəmə-Hüquq Şurası məsələni müsbət qiymətləndirmiş və onlarla bağlı təklif cənab Prezidentə təqdim olunmuşdur.
Onlar 10 il bundan əvvəl, yəni 2006-cı ilin aprel ayında hakim təyin olmuşlar. Bu ilin aprel ayının sonunda səlahiyyət müddətləri başa çatdığına görə onlarla bağlı yeni təqdimat daxil olmuşdur.
Qeyd etməliyəm ki, sizə şəxsi işləri təqdim olunmuş şəxslər, həqiqətən də, Azərbaycan məhkəmə sisteminin nümunəvi hakimləridirlər. Qürbət Əsgərov uzun illərdir məhkəmə sistemində çalışır. Vəfaddin İbayev həm də Avropa İnsan Hüquqları Konvensiyasının tətbiqi ilə bağlı bir sıra elmi araşdırmaların müəllifidir. Zakir Quliyev də uzun illərdir məhkəmə sistemində çalışır. Həm Məhkəmə-Hüquq Şurası, həm də cənab Prezident tərəfindən onların fəaliyyəti müsbət dəyərləndirilmişdir. Ümidvaram ki, millət vəkilləri bu 3 hakimin yenidən Ali Məhkəmənin hakimləri təyin olunmasına müsbət səs verəcəklər. Eyni zamanda, qeyd etməliyəm ki, onlar indi yenidən təyin olunsalar, qanunvericiliyə görə bu təyinat ömürlük xarakter daşıyacaq. Çox sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ R.Ə.Ağayevin Şirvan Apellyasiya Məhkəməsinin hakimi təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi Rəşadət Ağayev ərizə ilə iş yerinin Şirvan Apellyasiya Məhkəməsinə dəyişdirilməsini xahiş etmişdir. 
Eyni zamanda, qeyd etmək istəyirəm ki, onun səlahiyyət müddəti 2017-ci ilə qədər davam edəcək. Yerinin dəyişdirilməsi isə, əslində, bir ənənədir və bir sıra hallarda Məhkəmə-Hüquq Şurası tərəfindən Ali Məhkəmədə çalışmış təcrübəli insanların regionlarda olan apellyasiya məhkəmələrinə təyinatı ilə bağlı təkliflər irəli sürülür. Rəşadət Ağayevin Şirvan Apellyasiya Məhkəməsinə dəyişdirilməsi ilə bağlı müraciəti də məhz bu xarakteri daşıyır.
Onun haqqında bunu deyə bilərəm ki, uzun illər məhkəmə sistemində çalışıb və fəaliyyəti müsbət dəyərləndirilən hakimlərdəndir. Millət vəkillərindən bu təyinata səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Hakimləri təbrik  edirik. Gedə bilərsiniz, buyurun.
Gündəliyin növbəti məsələsi “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı, Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin təqdimatı ilə “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında diplomatik nümayəndəlik və konsulluqların əməkdaşlarının ailə üzvlərinin haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaları haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir.
Qeyd etmək istəyirəm ki, saziş 2016-cı il martın 15-də Türkiyə Respublikasının paytaxtı Ankara şəhərində Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında bağlanmışdır. Saziş iki ölkə arasında yüksək səviyyəli anlaşmanı nəzərə alaraq diplomatik münasibətləri gücləndirmək üçün yeni mexanizmlər yaratmaq məqsədi ilə bağlanıb. Saziş beynəlxalq konvensiyalara və digər hüquq normalarına uyğundur. Deputat həmkarlarımdan xahiş edirəm ki, sazişin təsdiq olunmasına səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli deputatlar, doğrudan da, bu, çox vacib bir sənəddir. Bu bizim  orada çalışan diplomatların və Türkiyənin Azərbaycanda çalışan diplomatlarının ailə üzvlərinin işləməsi üçün şərait yaradır. Bu bizə qardaş, dost olan ölkənin nümayəndələrinin və bizim oradakı nümayəndələrimizin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edən vacib bir addımdır.
Oqtay müəllim, mən bir məsələyə xüsusi olaraq toxunmaq istəyirəm. Yəqin ki, gələcəkdə fikirləşib bu addımı atmalıyıq. Mən Türkiyə ilə Azərbaycan arasında olan viza sistemi ilə əlaqədar olaraq bu məsələni qaldırmaq istəyirəm. Ya bunun müddəti uzadılmalıdır, ya da, ümumiyyətlə, bu sistem ləğv olunmalıdır.
Son hadisələr göstərdi ki, Türkiyə Azərbaycana həm diplomatik, həm hərbi, həm də digər sahələrdə birmənalı şəkildə öz dəstəyini göstərdi və bundan sonra da göstərəcəyini bəyan etdi. Bu onu göstərir ki, bir neçə gündən sonra 93 illiyini qeyd edəcəyimiz ümummilli liderimizin qeyd etdiyi kimi, bir millət, iki dövlətik. Millət eynidir, dövlətlər fərqlidir. Ona görə də hesab edirəm ki, indiki şəraitdə bu sistemin ya ləğv olunması, ya da müddətinin uzadılması vacib amillərdən biridir.
Xüsusi ilə qeyd etmək istərdim ki, Naxçıvan Muxtar Respublikası blokada şəraitindədir və  oradan Azərbaycana çıxış ancaq hava yolu ilədir. Türkiyədə işləmək istəyənlər çox çətin vəziyyətdə qalırlar, çünki 3 aydan bir qayıdıb gəlməli və sərhədi təzədən keçməlidirlər. Elə çıxır ki, o 3 ayda qazandıqları zəhmət haqları ancaq yola sərf olunur. Bu məsələni hissə-hissə həll etmək də olar. Ayrı-ayrı dövlətlərin təcrübəsində bu var. Elə götürək Gürcüstanı. Orada turizm zonaları açıldıqdan sonra, ümumiyyətlə, Türkiyə ilə viza sistemini ləğv elədilər. O baxımdan, hesab edirəm, Azərbaycanın bütün ərazisində olmasa da, Naxçıvan Muxtar Respublikası üçün viza sistemi ya bir il müddətinə uzadılmalı, ya da ümumiyyətlə, ləğv olunmalıdır ki, insanlar azad şəraitdə fəaliyyət göstərsinlər.
Bu gün xeyli türk iş adamı Azərbaycanda, kifayət qədər azərbaycanlı iş adamı Türkiyədə biznes və başqa-başqa sahələrdə məşğul olur. Tədris işləri ilə məşğul olanlar var. Mən tələbələri çıxıram, çünki bu hüquq onlara şamil edilmir. O baxımdan müəllimlərimiz var ki, orada dərs deyir və sair. Bunların işini yüngülləşdirmək üçün hesab edirəm ki, biz əvvəl-axır belə bir addım atmalıyıq. İndiki zaman da əsl o zamandır. Bu addım atılmalıdır ki,  qonşularımız da bunun şahidi olsunlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu məsələ üzərində iş gedir. Texniki məsələlər var, təkcə Türkiyə ilə bağlı deyil. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.17 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi. Sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Protokolun təsdiq edilməsi barədədir. Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında bütün istiqamətlərdə əməkdaşlıq sürətlə inkişaf edir. Növbəti qanun layihəsi də bu əməkdaşlığın daha da inkişaf etdirilməsinə yönəlmişdir.
Söhbət iqtisadi, texnoloji, infrastruktur, mədəniyyət, təhsil, səhiyyə, kənd təsərrüfatı, turizm və sair sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi məqsədi ilə müvafiq layihələrin və proqramların hazırlanmasından gedir. Hər iki ölkə arasında əməkdaşlıq sazışı imzalanmışdır ki, bu layihələrin həyata keçirilməsi daha sürətli olsun. Ona görə millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.19 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, məndən öncə çıxış edən millət vəkilləri Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri barədə fikirlərini söylədilər. İndi sizin müzakirənizə təklif olunan “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında” Saziş, sadəcə, bir bəyanat deyil, söylədiyimiz fikirlərin real, faktiki tətbiqidir. Hər iki ölkədə qardaş və dost millətlər yaşayır, çalışırlar. Bu baxımdan insanlara məxsus minik avtomobillərinin idarə olunması zamanı sürücülük vəsiqələrinin qarşılıqlı tanınması hər iki xalq üçün praktik baxımdan çox əhəmiyyətlidir. Odur ki, millət vəkillərindən bu sazişə də səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.21 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Rumıniya Hökuməti arasında xidməti pasportlara malik olan şəxslərin vizadan azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədədir. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu gün demək olar ki, bütün Avropa ölkələrinə diplomatik və xidməti pasportlarla gediş vizasız və heç bir problemsiz həyata keçirilə bilər. Bu da məhz bu istiqamətdə qəbul ediləcək qanun layihələrindəndir. Bu gün Azərbaycan– Avropa münasibətləri bu imkanları həm Azərbaycana, həm də Avropa ölkələrinə yaradır. Təbii ki, belə qanun layihələrinin təsdiq olunmasi əlaqələrin genişlənməsinə xidmət edir. Ona görə də mən komitəmizin adından millət vəkillərindən xahiş edirəm, bu sazişə müsbət münasibət bildirsinlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi
Qəbul edildi, çox sağ olun.

Növbəti məsələlər iqtisadi bloka aiddir. Gündəliyin 7-ci məsələsi Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik 45-ci maddəyədir. Bu maddə “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində müvəqqəti yaşamaq üçün icazə verildiyi hallar” adlanır. Bu hallar 45-ci maddədə sadalanıb. Qeyd olunur ki, bu məcəllənin 64.0.8-1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab verən mütəxəssislər olduqda əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazə verilir. Yəni Miqrasiya Məcəlləsinə təklif olunan dəyişiklik budur.
Daha aydın olsun deyə istəyirəm bu məcəllənin istinad olunan 64.0.8-1-ci maddəsini də oxuyum: “Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyət sahələri üzrə işlərin görülməsi və ya xidmətlərin göstərilməsi üçün Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında təsis edilmiş hüquqi şəxslər tərəfindən dəvət edilmiş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi kateqoriyaya aid mütəxəssislərə”. O mütəxəssislər, təbii ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Onların dəvətinə ehtiyac duyulduqda və həmin standartlara cavab verən mütəxəssislər olduqda onlara bundan sonra Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə veriləcək. Çox sağ olun.
Amma cənab Sədr, Siz dediyiniz kimi, bu paket sənəddir. Mən, sadəcə, aydın olsun deyə istinad elədim. Bunların hamısı ölkəmizdə həyata keçirilən  yeni iqtisadi islahatlarla bağlı olan məsələlərdir. Sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Əflatun Amaşov, buyurun.
Ə.Amaşov. Hörmətli cənab Sədr, hörmətli həmkarlar, əziz media nümayəndələri! Mən də Miqrasiya Məcəlləsinə dəyişiklər edilməsi ilə bağlı qanun layihəsini müsbət qiymətləndirirəm. Hesab edirəm ki, dəyişikliklər ölkədə iqtisadiyyatın, sənayenin inkişafı istiqamətində həyata keçirilən ümumi tədbirlərə dəstək baxımından əhəmiyyətlidir. Yeniliklər bir növ tamamlayıcı funksiya daşıyır, çünki sənayenin inkişafında stimullaşdırıcı tədbirlər olmalıdır. Miqrasiya Məcəlləsinə dəyişikliklər səmərəli insan resurslarının, əcnəbi mütəxəssislərin ölkəmizə cəlb edilməsi prosesini asanlaşdırmağı rəhbər tutur. Bu da son dərəcə zəruridir.
Eyni zamanda, iki məqama da diqqət çəkmək istəyirəm. Mən Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri kimi tez-tez Gürcüstanda oluram. Orada müxtəlif qurumların nümayəndələri ilə, sadə vətəndaşlarla görüşürəm.
Son statistik göstəricilərə görə Gürcüstanda  230 minə yaxın azərbaycanlı yaşayır. Qeyri-rəsmi isə bu rəqəm təqribən 350 minə yaxındır. Azərbaycandakı Gürcüstan əsilli vətəndaşların və onlarla qohumluğu olanların sayı isə bundan iki dəfə çoxdur. Minlərlə ailə var ki, tərəflərdən biri – ya ər, ya da arvad Gürcüstan vətəndaşıdır. Bu adamlar ən azı 3 ayda bir dəfə sərhədi keçməlidirlər.
Azərbaycana gələn əcnəbilər 10 gün müddətində ya “ASAN xidmət” mərkəzlərində, ya da Dövlət Miqrasiya Xidmətinin yerli şöbələrində qeydiyyata düşməlidirlər. Bəziləri qeydiyyata düşür, bəziləri düşə bilmir. Bəzən vaxt çatmır. Bəzən yaşlı adamlar olur, məsələyə həssas yanaşa bilmirlər. Ümumiyyətlə, müxtəlif subyektiv və obyektiv səbəblər var. Nəticədə onlar az da olmayan cərimə ilə üzləşirlər və Azərbaycana gəlmək hüququndan məhrum olurlar. Buna görə də düşünürəm ki, məsələyə kompleks yanaşmaq lazımdır. Dünyanın bir çox ölkələrində qeydiyyat işi sərhəd məntəqələrində aparılır. Təklif edirəm ki, Azərbaycanda da belə bir prosedur tətbiq edilsin, sərhəddə Dövlət Miqrasiya Xidmətinin strukturu fəaliyyət göstərsin.
Mən məsələyə Gürcüstanın timsalında diqqət yetirdim və oradakı soydaşlarımızın mənafeyi baxımından öz fikrimi bildirdim. Ancaq Gürcüstandan Azərbaycana təkcə azərbaycanlılar keçmir. Gürcülər və qeyri-millətlər də ölkəmizə gəlirlər. Başqa ölkələrdən Azərbaycana gələnlərin sayı heç də az deyil. Sərhəddə qeydiyyata düşmək üçün elə həmin insanlar da bundan əlverişli şəkildə istifadə edə bilərlər.
Hörmətli cənab Sədr, fürsətdən istifadə edib bir ciddi məqama da diqqət yetirmək istəyirəm. Bu barədə Gürcüstan əsilli Azərbaycan vətəndaşları ilə söhbətlərim olub. Məsələ müəyyən dərman preparatları ilə bağlıdır. Belə olur ki, vətəndaşın istifadə etdiyi dərman Azərbaycanda apteklərdə reseptsiz satılır, hər kəs onu rahat əldə edə bilir. Məsələn, Piralgin. Mən maraqlandım, bu dərmanın ölkəmizdə təyinatsız satışına icazə verilir. Kəskin baş ağrılarından əziyyət çəkən insanlar bu dərmandan istifadə edirlər. Həmin adamlar istifadə etdikləri Piralgini çantasına qoyub Gürcüstana gedirlər. Gürcüstanda isə həmin dərman az qala narkotik və psixotrop maddə kimi qəbul edilir. Nəticədə vətəndaşlar çox ciddi problemlə üzləşirlər. Saatlarla Gürcüstanın polis idarəsində qalanlar, külli miqdarda cərimələrə düçar olanlar olur. Hətta bəzən həbs təhlükəsi də yaranır.
Mən araşdırdım, burada yalnız bir dərman növündən söhbət getmir. Müxtəlif adda dərmanlar var ki, onların Gürcüstanda istifadəsi qadağandır. Düşünürəm ki, bu problemə də ciddi yanaşmaq lazımdır. Azərbaycan və Gürcüstan arasında müəyyən razılaşmaya gəlmək olar. Sonuncu fikrim birbaşa məsələlərlə bağlı olmasa da, səbrlə dinlədiyinizə görə minnətdaram. Deyəcəklərim bu qədər, diqqətinizə görə bir daha təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Dediyiniz birinci məsələ haqda fikirləşmək olar. Müraciət eləmək, Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi ilə bu barədə danışmaq olar. Amma dərman məsələsi tamamilə başqa cürdür. Onların öz qanunları var. Müraciət eləmək olar. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, “Sosial sığorta haqqında” Qanunda və “Gömrük tarifi haqqında” Qanunda dəyişikliklərin edilməsi barədə qanun layihələri cənab Prezident tərəfindən bir məktubda ünvanlanmışdır. Hər iki qanun layihəsinə aid olduğu üçün icazə verəsiniz birlikdə məlumat verərdim.
“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi Qaradağ Sənaye Parkının yaradılması haqqında Azərbaycan Respublikası Prezidentinin 3 iyun 2015-ci il tarixli müvafiq sərəncamı ilə əlaqədardır. Ölkəmizdə yeni sənaye sahəsi kimi fəaliyyətə başlayan gəmiqayırma sənayesinin inkişafını təmin etmək məqsədilə qanunvericilikdə dəyişikliklərin edilməsi təklif olunur.
Qanun layihəsinin 12-ci maddəsində məsləhət görülür ki, habelə müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti, onun pordatçısı və podratçısı ilə birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün cəlb edilən işçilər sosial ödənişlərdən azad edilsin. Bu həm “Sosial sığorta haqqında” Qanuna, həm də “Gömrük tarifi haqqında” Qanuna edilən dəyişikliklərdə nəzərdə tutulur. Millət vəkillərindən qanun layihələrinə səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. İki qanun layihəsi haqqında fikrini dedi. Xahiş edirəm, “Sosial sığorta haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, “Gömrük tarifi haqqında” Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə.  Hörməli millət vəkilləri, Vergi Məcəlləsinə aşağıdakı məzmunda 164.1.28-ci maddə əlavə olunur: “Müvafiq icra hakimiyyəti orqanının qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidenti tərəfindən müvafiq icra hakimiyyəti orqanının təsdiqedici sənədi əsasında həmin fəaliyyətin məqsədləri üçün bütün növ malların idxalı – 2016-cı il mayın 1-dən 5 il müddətinə və 165.1.7-ci maddə: “Müvafiq icra hakimiyyəti orqanını qərarına əsasən yaradılan sənaye parkında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi fəaliyyətlə məşğul olan sənaye parkının rezidentinə podratçı tərəfindən, podratçıya isə onunla birbaşa müqavilə bağlamış subpodratçı tərəfindən həmin fəaliyyətin məqsədləri üçün malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi – 2016-ci il mayın 1-dən 5 il müddətinə” vergilərdən azad edilir. Bu da imkan verəcək ki, Azərbaycanda sənaye parklarının inkişafı üçün yaradılan imkanlar daha da genişləndirilsin. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Elmira Axundova.
E.Axundova. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən həm 10-cu, həm də 11-ci məsələlərə dair fikrimi söyləmək istərdim. 11-ci məsələ ilə bağlı onu deyim ki, biz dəfələrlə kənd təsərrüfatının inkişafına təkan verəcək, onu stimullaşdıracaq addımların atılmasının zəruriliyi barədə çıxış etmişik, çünki qeyri-neft sektorunun inkişafı labüddür, günümüzün tələbidir. Kənd təsərrüfatının inkişafı həm də bizim qida təhlükəsizliyimiz deməkdir. Bu baxımdan bu gün Vergilər Məcəlləsinə təklif edilən ƏDV güzəştlərini dəstəkləyirik və alqışlayırıq.
Bu yaxınlarda eşitdik ki, Vergilər Nazirliyi hətta nağdsiz ödənişlərə 18 faiz yox, 9 faiz ƏDV təklif edir. Mən istərdim, bu təkliflər də nə vaxtsa tərəfimizdən müzakirə edilsin, çünki bizə müraciət edən kiçik və orta sahibkarlar xahiş edirlər ki, respublikada diferensial ƏDV məsələsi tezliklə öz həllini tapsın. Ona görə ki, bir çox kiçik və orta ticarət obyektləri 18 faiz ƏDV ödəməkdə çətinlik  çəkirlər.
Bundan başqa, dövlət qurumları haqlı olaraq tələb edirlər ki, ticarət obyektlərində bir çox maliyyə əməliyyatları nağdsız aparılsın. Bu da keçid dövrü tələb edir. Obyektiv səbəbdən bir çox çətinliklər yaranır. Ödəniş şərtlərinin dəyişməsi, banklarla müxtəlif problemlərin yaranması, manat və dolların qeyri stabil olması fonunda, əsasən, orta və kiçik sahibkarlar mürəkkəb dövr yaşayırlar. Bir çox hallarda onlar obyektləri bağlamaq məcburiyyətində qalırlar. Bu isə sahibkarlığın zəifləməsi və nəticədə iş yerlərinin bağlanması deməkdir.
İstərdim ki, həm İqtisadiyyat Nazirliyi, həm də Vergilər Nazirliyi vasitəsilə bu proses itkisiz başa çatdırılsın. Danışıqlar aparılsın, ticarət obyektləri öz işini davam etdirə, işçi qüvvəsini saxlaya bilsin, qida məhsullarının qiymət artımına yol verməsinlər. Prezident demişkən, biznes mühitinə əlverişli şərait yaradılmalıdır. Necə ki, bu gün Vergi Məcəlləsinə edilən dəyişiklə bunu yaratmış olursunuz.
İstərdim ki, fürsətdən istifadə edərək, digər bir məsələyə də diqqət yetirək. Mən heyvandarlıqla məşğul olanların bir problemini burada səsləndirmək istərdim. Onlar otlaqların azlığından şikayətlənirlər. Həm də qış mövsümündə yemlə bağlı çox böyük çətinliklər olur, çünki onu yüksək bazar qiyməti ilə alırlar. Düşünürəm ki, dövlət heyvandarlıqla məşğul olan şəxslərə bazar qiymətlərindən aşağı qiymətlərlə yem təklif etməlidir. Xahiş edirəm ki, aidiyyəti qurumlar bu məsələ ilə bağlı tədbirlər görsünlər, heyvandarlıq və quşçuluqla məşğul olan fermerlərə yem məsələsində əhəmiyyətli dərəcədə kömək etsinlər. Bununla da həm kənd təsərrüfatının inkişafını dəstəkləyər, həm də cənab Prezidentimizin tövsiyələrinə əməl etmiş olarlar. Mən bu dəyişikliklərə çox məmnuniyyətlə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Araz Əlizadə.
A.Əlizadə. Çox sağ olun. Əziz həmkarlarım, mən bir məsələyə toxunmaq istəyirəm. Əlbəttə ki, dəyişikliklərə mütləq səs verəcəyəm. Lakin vaxtilə Elmira Axundova, Əflatun Amaşov, Fəzail Ağamalı və mən demişdik ki, Nazirlər Kabineti Vergi Məcəlləsində müəyyən maddələri ləğv edəndə səhvən 164-cü maddədə heç adı çəkilməyən, mətbuata qoyulan ƏDV-ni ləğv edib. Ümumiyyətlə, mətbuata aid maddə 167-dir. Biz Vergilər Məcəlləsinə baxırıq, 4-5 deputat çıxış edib və təklif verib ki, mətbuat ƏDV-dən azad edilsin. Çünki bu, qəpik-quruşdur. Özünüz bilirsiniz ki, cənab İlham Əliyev dəfələrlə qəzetlərin milyonlarla manat borclarını silib. Amma indi təxminən ildə yüz neçə min manat olacaq. ƏDV-ni təzədən qəzetlərin boynuna qoyublar. Nədir, bilərəkdən qəzetləri hakimiyyətin əleyhinə qaldırırlar? Bunu ora salmaq nə çətin məsələdir? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, qəbul edəcəyimiz bu dəyişikliklər Azərbaycan iqtisadiyyatı üçün çox böyük önəm daşıyır. Xüsusilə son vaxtlar cənab Prezident tərəfindən Azərbaycanda aparılan iqtisadi islahatların daha da davamlı olması üçün müəyyən sənaye parklarının vergilərdən azad edilməsi, əlbəttə, müsbət haldır.
Mən burada iki məqama toxunmaq istəyirəm. Komitənin iclasında da həmkarım Əli Məsimli ilə bu məsələyə toxunmuşuq. Birincisi, qanunda sənaye parkları ilə bərabər, onlarla müqavilə bağlamış podratçı təşkilatlara və subpodratçılara da bu, şamil edilir.
Mənim yadıma gəlir, bir vaxtlar biz sənaye parklarını 7 il bütün vergilərdən azad etdik. İndi də sənaye parklarının azad edilməsini başa düşürük, amma podratçı və subpodratçıların əlavə dəyər vergisindən azad edilməsi sonradan müəyyən problemlər və sui-istifadə hallarına gətirib çıxara bilər. Ona görə də burada çox ciddi nəzarət mexanizmi həyata keçirilməlidir ki, yalnız sənaye parkları üçün gətirilən istənilən avadanlıq bu vergilərdən azad olunsun.
İkincisi, biz komitənin  iclasında Əli müəllimlə əlavə dəyər vergisi ilə əlaqədar məsələyə toxunduq. Ümumiyyətlə, Azərbaycanda əlavə dəyər vergisinin 18 faiz olması Azərbaycan iqtisadiyyatına çox mənfi təsir edir. Biz təklif etmişik ki, Azərbaycanda da bütün dünyada olduğu kimi, diferensiallaşdırılmış əlavə dəyər vergisindən istifadə edilsin. Çünki elə məhsullar, elə avadanlıqlar var ki, onlara bu gün 25-30 faiz əlavə dəyər vergisi qoysan da, heç bir problem yaradan deyil. Amma elə məhsullar, elə avadanlıqlar da var ki, onlar üçün əlavə dəyər vergisinin 18 faiz olması çox yüksəkdir. Bunu 0 faizlə, 1 faizlə, 2 faizlə və sairlə etmək olar. Yəni Azərbaycan üçün lazım olan avadanlıqlara, o cümlədən  qida məhsullarına əlavə dəyər vergisini diferensiallaşdırılmış şəkildə həyata keçirmək lazımdır. Bu barədə bizim təkliflərimiz olub, Vergilər Nazirlıiyi də bu məsələ ilə maraqlanır. Bunun üzərində işləmək lazımdır. Mən təklif edərdim ki, qısa bir müddətdə əlavə dəyər vergisinin differensiallaşdırılmış sistemini Azərbaycanda tətbiq etmək üçün çox ciddi addımlar atılsın. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov.
C.Qurbanov. Təşəkkür edirəm. Hörmətli  Ziyafət müəllim, hörmətli millət vəkilləri, mən də bu qanuna səs verəcəyəm və həm də qeyd etmək istəyirəm ki, son vaxtlar cənab Prezident tərəfindən aparılan islahatlar çox təqdirəlayiqdir.
Vahid müəllim bəzi məsələlərə toxundu. Mən də onunla razıyam ki, ƏDV-nin 18 faiz olması düzgün deyil, ona baxmaq lazımdır. Vahid müəllimin dediyi kimi, bəzi sahələrdə lap 30 faiz də ola bilər, amma ucdan tutma hər şeyə 18 faiz tətbiq olunması iqtisadiyyatın inkişafında heç vaxt yaxşı rol oynaya bilməz. Yağla şora eyni qiyməti qoymaq mümkün deyil. Onların ayrı-ayrı qiymətləri var.
Ölkədə qeyri-neft sektorunun inkişaf etməsi üçün biz həm idxalın, həm də ixracın qarşısını açmalıyıq. Ölkəyə gətirilən bəzi avadanlıqlar qeyri-neft sektorunun inkişafına tətbiq olunur. Məsələn, dəmir yolu üçün aldığımız avadanlıqlara çox böyük gömrük rüsumları tətbiq olunur. Halbuki onların heç biri Azərbaycanda istehsal və təmir olunmur. Biz bilmirik onu hansı formada ödəyək. Kredit tapıb avadanlıq alaq, yoxsa onun üçün əlavə vergi də ödəyək? Bunlar çox önəmli məsələlərdir, çünki onların biri o birinə iqtisadi baxımdan bağlıdır.
Qiymətlərin tənzimlənməsi məsələsi var. Biz biletlərin qiymətini qaldıra bilmirik, mümkün deyil. Çalışırıq ki, sosial gərginlik olmasın. Amma aldığımız vaqonlar, elektrovoz üçün ayrı-ayrılıqda 36 faiz və 18 faiz tətbiq olunması dəmir yolunu iflasa apara bilər. Ona görə bu məsələlər qanunda baza kimi Nazirlər Kabinetinə tapşırılsın ki, o bunu müəyyən müddətə azad eləyə bilsin. Bu, hər yerdə tətbiq olunur, bizdə də tətbiq olunması vacibdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E.Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, ölkə Prezidenti cənab İlham Əliyev Nazirlər Kabinetinin son iclasında kənd təsərrüfatı təyinatlı torpaqlarda istifadədə nöqsanlara yol verildiyini və bu torpaqların bir hissəsinin uzun müddət istifadəsiz qalmasından narahat olduğunu bildirərək müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar vermişdir. Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi də göstərilən nöqsanların aradan qaldırılmasına, yekun nəticə kimi kənd təsərrüfatı məhsullarının istehsalının artırılmasına imkan yaradacaqdır.
Bildiyiniz kimi, ölkəmizdə bazar münasibətləri əsasında sosial yonümlü iqtisadiyyatın inkişafına şərait yaratmaq üçün həyatımızin digər sahələrində olduğu kimi, aqrar sahədə də islahatlar, o cümlədən torpaq islahatı həyata keçirilir. Bu məqsədlə “Torpaq islahatı haqqında” Qanun qəbul olunmuşdur. Qanunda qeyd olunur ki, torpaq islahatının məqsədi iqtisadi azadlıq, sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir.
Bu qanunun tələblərinə uyğun olaraq MDB məkanında ilk dəfə olaraq ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən respublikamızda torpaq islahatları aparılmışdır. Bilirsiniz ki, 19 faiz torpaq əhaliyə paylanmışdır. Təəssüflə qeyd etmək istərdim ki, torpaq payı alanlar, sonradan digər yollarla torpaq mülkiyyətçisinə çevrilən insanlar ya onun hamısından, ya da bir hissəsindən istifadə etmirlər. Nəticədə bu torpaqlar uzun müddət istifadəsiz qalaraq öz təyinatını itirir.
Nəzərə almaq lazımdır ki, respublikamız aztorpaqlı ölkədir. Adambaşına cəmi 0,9 hektar, yəni 19 sot torpaq düşür. Getdikcə azalma müşahidə olunur. Bu halda mövcud olan torpaqlardan səmərəli istifadə etmək bizim üçün ən önəmli məsələlərdən biridir. Torpaqlardan istifadəyə mane olan səbəbləri aradan qaldırmaq üçün müvafiq qanunlarda müəyyən dəyişikliklər edilməsinə ehtiyac vardır. Səbəb kimi torpaqların qeyri-qanuni zəbt edilməsini, torpaqların verilməsində qanuna zidd qərarların qəbul edilməsini göstərmək olar. Hesab edirəm ki, bundan əvvəlki iclaslarımızda da Cinayət Məcəlləsinin 188-ci və 134-cü maddəsində edilən dəyişikliklər həmin halların aradan qaldırılmasını təmin edəcəkdir.
Müzakirə etdiyimiz Vergi Məcəlləsində nəzərdə tutulan bu dəyişikliklər isə kənd təsərrüfatı məhsullarının maya dəyərinin aşağı salınmasını təmin etməklə fermerlərə daha çox gəlir əldə etmək imkanları yaradacaq və torpaqladan səmərəli istifadə olunmasını stimullaşdıracaqdır. Belə ki, kənd təsərrüfatı məhsullarının istehsalı üçün lazım olan bir çox materiallar və avadanlıqlar idxal olunur və bunların əlavə dəyər vergisi ödənilir. Bu da maya dəyərini artırır. Vergi Məcəlləsinin 164-cü maddəsinə edilən dəyişikliklər, layihədə göstərilən material və avadanlıqların əlavə dəyər vergisindən azad edilməsi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı məhsullarının maya dəyərinin xeyli aşağı düşməsini və onların rəqabət qabiliyyətinin yüksəldilməsini təmin edəcəkdir. Bu da öz növbəsində fermerlərə məhsul istehsalını artırmaq üçün böyük stimul verəcəkdir.
Digər tərəfdən, Vergi Məcəlləsinin 206-cı maddəsinə edilən dəyişikliklər, yəni kənd təsərrüfatı torpaqlarından qanunvericilikdə müəyyən edilmiş hallar istisna olmaqla təyinatına uyğun istifadə etmədikdə torpaq vergisinin artırılması torpaqların səmərəli istifadəsinə stimul yaradacaqdır. Bu məsələ ilə əlaqədar onu da bildirmək istəyirəm ki, istifadə olunmayan torpaqlara görə torpaq vergisinin bu dərəcədə artırılması söz-söhbətlərə səbəb olur. Bəziləri torpağın azlığını, digərləri isə torpağın evindən uzaq olmasını bəhanə gətirir. Onu da demək istəyirəm ki, bununla əlaqədar olaraq komitəmiz tərəfindən Kənd təsərrüfatı kooperasiyası haqqında qanun layihəsi ikinci oxunuşa hazırlanır. Hesab edirəm ki, bu qanun qəbul olunarsa, dediyim məsələlərin həllində öz bəhrəsini verəcəkdir. Göstərilənləri nəzərə alaraq qanun layihəsinə edilən dəyişiklikləri təqdir edirəm və deputat həmkarlarımdan buna səs vermələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Mən də bir məqama toxunmaq istəyirəm. Keçən dəfə də demişdim, son zamanlar iqtisadi zəmində yaşanan proseslər mətbuatımıza da öz təsirini göstərib. Qəzet kağızının qiyməti, demək olar ki, birdən-birə 100 faiz artıb, çap xərcləri təxminın 70 faizə qədər çoxalıbdır. Ölkədə də reklamın olmadığı bir vaxtda yanvarın 1-dən ölkəyə gətirilən kağıza əlavə dəyər vergisi tətbiq olunur. Əlavə dəyər vergisinin tətbiq olunması mətbuatın durumunu daha da çətinləşdirir.
Mən təklif edərdim ki, “Vergi ödəməkdən azad edilmə” adlı 164-cü maddəyə burada qaldırdığım məsələ də salınsın, çünki Azərbaycan mətbuatı Azərbaycanın inkişafında həmişə mühüm rol oynayıb. Birinci Avropa Oyunları dövründə biz bunun şahidi olduq. Aprel ayının əvvəllərində baş verən olaylarda da Azərbaycan mətbuatı, mən deyərdim ki, Azərbaycan ordusunun həyata keçirdiyi missiyanı informasiya mühitində həyata keçirdi. Təklif edirəm ki, mətbuatın oynadığı rol nəzərə alınaraq ölkəyə gətirilən qəzet kağızı üzərindən əlavə dəyər vergisi götürülsün və o, indiki dəyişikliklərdə öz əksini tapsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də bu məsələyə toxunacağam. Azərbaycan Respublikası Prezidentinin Azərbaycan mediasına göstərdiyi diqqət və qayğını hamımız bilirik. Hətta xüsusi olaraq Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu yaradılıbdır. Azərbaycanın çap mediası buradan ciddi maliyyə dəstəyi alır.
Amma bununla bərabər, mən qısaca bir məsələyə toxunmaq istəyirəm. Ötən ilin dekabr ayında baş verən devalvasiyadan sonra çap mediasının vəziyyəti bir qədər çətinləşdi. Yəni burada artıq abunə prosesi başa çatmışdır. 6 aylıq abunə iyun ayında qaytaracaqdır. Elə bunun təsiri və üstəlik kağızın idxalında ƏDV-nin yenidən tətbiq olunması bu məsələni bir qədər də mürəkkəbləşdirdi.
Nəzərə almalıyıq ki, çap mediası təkcə informasiya mübadiləsini, informasiya siyasətini həyata keçirən bir platforma deyil, eyni zamanda, informasiyanın strateji əhəmiyyət daşıdığı bugünkü bir mərhələdə həm də peşəkar jurnalistlər yetişdirən bir məktəbdir. Yəni biz bu gün xaricdə Azərbaycanın informasiya siyasətini həyata keçirəcək peşəkar jurnalistlər görmək istəyirik. Nəzərə almaq lazımdır ki, bax, burada çap mediası praktik məktəb rolunu oynayır. Ali təhsil müəssisələrindən gəlmiş gənclərimiz burada bir növ təcrübə qazanırlar. Ona görə də bu vəziyyətin yaxşılaşdırılmasına, əlbəttə ki, ehtiyac duyulur. Mən də həmkarlarımı dəstəkləyirəm  və xahiş edirəm ki, 164-cü maddəyə qəzet kağızının və digər çap üçün lazım olan texniki vasitələrin ƏDV-dən azad olunması ilə bağlı bir əlavə edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Mən 206-cı maddəyə edilən dəyişikliklə bağlı fikrimi bildirmək istəyirəm. 206.1-ci maddədə qeyd olunur ki, torpaq vergisinin dərəcəsi torpaq sahəsinin hər 100 kvadrat metrinə görə 10 manat müəyyən edilir. Hörmətli Ziyafət müəllim, buradakı millət vəkillərinin bir çoxu kənd rayonlarından seçilmiş deputatlardır. Təmasımız o insanlarladır ki, onların torpaqları var və həmişə ondan istifadə yollarını düşünürlər. Bilirsiniz ki, müstəqillik dövründə torpaqlara diqqət və qayğıda xeyli çətinliklər oldu. Bu, obyektiv və subyektiv səbəblərdən oldu. Torpaqlara aqrotexniki qaydalar tətbiq olunmadı, şoranlaşma, qurunt sularının üzə çıxması və digər məsələlərlə bağlı problemlər yarandı.
Başqa bir problem suvarma ilə bağlıdır. Bu gün kənd təsərrüfatı rayonlarında əkin sahələrinin suvarılmasında çox ciddi problemlər var. Bir yerdə motorlar, digər yerlərdə elektrik xətləri yoxdur və sair. Dövlət bir tərəfdən kənd təsərrüfatının inkişafı üçün torpaq sahəsi olan şəxslərə, səhv etmirəmsə, hər hektara görə 80 manat pul ayırır, amma digər tərəfdən, yenə hər hektara görə 100 manat vergi tutulur. Yəni 5 hektar torpaq sahəsi olan bir ailə məcburdur ki, ilin sonunda 500 manat da vergi versin. Mən belə hesab edirəm ki, bu bir az artıq rəqəmdir. Əslində, bu il “Kənd təsərrüfatı ili” elan olunubsa və biz kənd təsərrüfatını inkişaf etdirmək istəyiriksə, vergi tutmaqla insanları məcbur edə bilməyəcəyik ki, oradan mütləq istifadə elə. Çünki onun özündən asılı olmayan səbəblər var və bu, mümkün olmayacaq. Bəzi yerlərdə dəmyə deyirlər. Yağış yağmadı, məhsul da olmadı. O, yenə də 10 hektara görə 1000 manat rüsum ödəməlidir. Bu bir az başa düşülən deyil.
Burada başqa bir maddə də var. 206.1-ci maddəyə yeni bir bənd  əlavə olunub. Mən bu maddəni başa düşə bilmədim. Burada qeyd olunur ki, müvafiq icra hakimiyyəti orqanının verdiyi arayışa əsasən, təyinatı üzrə istifadə edilən və ya irriqasiya, meliorasiya və digər aqrotexniki səbəblərdən təyinatı üzrə istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi 1 şərti bal üçün 0,06 manat müəyyən olunur. Yaxşı istifadə edə bilmədi, 1000 manatın yerinə 600 manat verdi. Amma bu hələ müəyyən olunmalıdır.
Ardınca gələn cümləni isə nə qədər oxuyuram, müəyyən edə bilmirəm. “...Təyinatı üzrə istifadə edilən və ya istifadəsi mümkün olmayan kənd təsərrüfatı torpaqları müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda və meyarlar əsasında müəyyən edilir.” Bu nə deməkdir? Cümləni kimsə başa düşdü? “Edilən”, “edilməyən”, “müəyyən edilən”, “müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən qayda, meyarlar” nədir? Bu sonra neqativ hallara gətirib çıxarmayacaq ki? Bir rayonda kənd təsərrüfatı idarəsi deyəcək ki, mənim meyarım budur, o biri rayonda da deyəcək ki, xeyir, budur. Biz bu meyarı bilməliyik. Kəndli də bilməlidir ki, hansı meyardan buna nə isə tətbiq edəcəklər. Arayışların alınması üçün hər iki tərəf min oyundan çıxacaq. Meyarı biz bilməliyik və bu, normal təqdim olunub, amma meyarların nə olduğunu heç kim bilmir. Burada onu bilən var? Məncə yox. Ona görə açıqlanmalıdır ki, meyarlar nədir? Ayrıca bənd verilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. İlk öncə təklif edərdim ki, ümumiyyətlə, Vergi Məcəlləsinin müzakirəsində bütün millət vəkilləri öz fikirlərini söyləyə bilsinlər. Manatın devalvasiyaya uğramasından sonra şəxsən mənim təmsil olunduğum Nərimanov rayonunda ərazisi 5 kvadratdan 100 kvadrata qədər olan ticarət obyektlərinin bir qismi bu gün bağlıdır. Bu insanların bəzilərinin kredit götürüb kiçik bizneslə məşğul olmasını hər birimiz bilirik. Hesab edirik ki, bu insanlar nə iləsə məşğul olmalı və öz həyatlarını yaşamalıdırlar.
Bu gün Vergi Məcəlləsi müzakirə olunduğu üçün təklif edərdim ki, həmin ərazilərdə monitorinq aparılsın və bağlı qalan dükanların sahiblərinə amnistiya verilsin. Yəni bu insanlar bir il, iki il müddətinə vergidən azad olunsunlar. Bu dükanların bağlı qalmasının heç bir xeyri yoxdur. O dükanların işləməsi dükan sahiblərinin, onu kirayə götürənin, orada işləyən insanların işlə təmin olunması deməkdir. Ona görə də təklif edərdim ki, müəyyən müddətə bu insanlar vergidən azad olunsunlar və onlar banklara olan borclarını, heç olmasa, dövlətin hesabına bağlasınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, təşəkkür edirəm. Ziyad müəllim, burada fikirlər səsləndi. Vahid müəllim, Cavid müəllim, Adil müəllim, Çingiz müəllim məsələ qaldırdılar. Mətbuatla bağlı fikrimi deyəcəm, amma xahiş edirəm, o məsələlərə münasibət bildirin. 10-cu məsələ ilə bağlı.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əslində biz hələ 11-ci məsələni müzakirə etmirik, amma danışdılar, mən də sözlərini kəsmədim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Olar, bir yerdə cavab verin, fərq eləməz.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Tam səmimiyyətlə deyirəm ki, cənab Prezident tərəfindən təqdim olunan qanun layihəsi, Vergi Məcəlləsinə edilən dəyişikliklər son illərdə həyata keçirilən tədbirlər içərisində özünün maliyyə tutumu ilə fərqlənir. Azərbaycanda iqtisadi islahatların yeni mərhələsi başlanır. Emal sənayesinin, nəqliyyat sektorunun inkişafı ilə əlaqədar çox ciddi addımlar atılır və bu addımların səmərə verməsi üçün Vergi Məcəlləsində ciddi dəyişikliklər nəzərdə tutulur.
Təsəvvür edin ki, Azərbaycan iqtisadiyyatında aparıcı yerlərdən birini tutan kənd təsərrüfatında – heyvandarlıqda inəyin məhsuldarlığı 1200-1300 kiloqramdır. Son illərdə Azərbaycanda damazlıq heyvanların idxalı və satışı ilə əlaqədar böyük işlər görülür. Ona görə də cənab Prezident tərəfindən göndərilən bu qanun layihəsində damazlıq heyvanların idxalı və satışı, toxum və tinglərin idxalı və satışı, mineral gübrələrin idxalı və satışı, toxumların yetişdirilməsi, quşçuluq və arıçılıq üçün avadanlıqların, o cümlədən laboratoriya avadanlıqların, toxum və digər paxlalı bitkilərin təmizlənməsi, çeşidlənməsi üçün maşınların idxalı və satışı vergilərdən azad edilir. Təbii ki, bunların hamısı maliyyə tutumludur və neft gəlirlərinin azaldığı bir şəraitdə büdcə gəlirlərinə əhəmiyyətli dərəcədə təsir edəcək. Ona görə də bu kimi dəyişikliklər, heç şübhəsiz, müstəsna əhəmiyyət kəsb edir.
Hörmətli millət vəkili Eldar müəllim torpaqlardan istifadə ilə əlaqədar məsələlərə toxundu. Bu gün rəsmi məlumatlara görə Azərbaycanda 165 min hektar torpaqdan səmərəli istifadə olunmur. Nə üçün istifadə olunmur? Bunun səbəblərini cənab Prezident dəfələrlə deyib və indi Vergi Məcəlləsində edilən dəyişiklik, heç şübhəsiz ki, istifadə olunmayan torpaqların miqdarını xeyli aşağı salacaqdır.
Hörmətli Çingiz müəllim haqlıdır, doğrudan da, bu cümlədə çətin məqamlar var. Ancaq burada söhbət ondan gedir ki, istifadə edilməsi mümkün olmayan kənd təsərrüfatı torpaqları üzrə torpaq vergisinin dərəcəsi cəmi 0,06 manatdır. İndi hörmətli Eldar müəllim də təsdiqləyər, aqrar islahatların ən böyük üstünlüyü ondan ibarətdir ki, torpaq pulsuz paylanılıb. Pulsuz paylanan torpaqlardan istifadə olunmaması, təbii ki, ölkənin iqtisadi inkişafına mənfi təsir edir. Yəqin ki, Vergi Məcəlləsində edilən bu dəyişikliklə müsbət nəticələr əldə olunacaq.
Hörmətli Vahid müəllim tamamilə haqlı olaraq bir məsələ qaldırdı. Bu məsələ Milli Məclisin komitə iclasında da dəfələrlə qaldırılıb. Hörmətli Cavid müəllim də bu fikri təsdiqlədi. Artıq Fazil müəllimə komitənin adından məktubla müraciət etmişəm. Vergi Məcəlləsinə dəyişikliklərlə əlaqədar komitəyə çoxsaylı təkliflər gəlib. Bizim məktuba cavab olaraq hörmətli Fazil müəllim səlahiyyətli nümayəndələrdən işçi qrupu yaradıb.
Hörmətli millət vəkillərinin ƏDV ilə, qabaqcadan vergi tutmaqla əlaqədar çox yaxşı təklifləri var. Amma Vergilər Nazirliyi də, Maliyyə Nazirliyi də haqlı olaraq deyirlər ki, bu və ya digər vergi növünün dərəcəsini aşağı salmaq üçün digər vergi növlərini də hesablamaq lazımdır. Yəni məsələyə sistemli yanaşmaq lazımdır. Amma mən əminəm ki, burada həmkarlarımın qaldırdığı məsələlər diqqət mərkəzindədir.
Mən hörmətli Oqtay müəllimə bu barədə məlumat vermişəm. Yəqin ki, bu günlərdə Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar olaraq komitəyə daxil olan təklifləri birgə müzakirə edəcəyik və ortaq məxrəcə gələcəyik. Mən hesab edirəm ki, cənab Prezident tərəfindən Vergi Məcəlləsinin təkmilləşdirilməsi ilə əlaqədar Milli Məclisə daxil olan təkliflər Azərbaycan iqtisadiyyatı üçün müstəsna əhəmiyyət kəsb edir. Ona görə millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Ziyafət Əsgərov, buyurun.
Z.Əsgərov. Cənab Sədr, burada hörmətli millət vəkilləri mətbuatla bağlı məsələ qaldırdılar. Mən bununla bağlı fikrimi bildirmək istəyirəm. Əlbəttə, mətbuata dövlət qayğısı həmişə dövlətimizin diqqət mərkəzində olubdur. Təklif olunur ki, mətbuata tətbiq olunan əlavə dəyər vergisi götürülsün. Amma hörmətli deputat həmkarlarım, mən sizin nəzərinizə çatdırmaq istəyirəm, bu gün müzakirə etdiyimiz qanun layihələri mətbuatla bağlı deyil. Burada söhbət sənaye parklarının yaradılması, onların inkişaf etdirilməsi, malların gətirilməsi, işlərin görülməsi, xidmətlərin göstərilməsi sahəsində stimullaşdırıcı tədbirlərdən gedir. Əgər mətbuatla bağlı çətinliklər varsa, sizin qanunvericilik təşəbbüsü hüququnuz var. Müvafiq komitə ilə razılaşdırmaqla məsələni müzakirə etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Sağ olun. Təşəkkür edirəm,  hörmətli Sədr. Ziyad müəllim 10-cu məsələni məruzə etdi. Amma indi 11-ci məsələ ilə bağlı suallara da cavab verdi. Mən də 11-ci məsələ ilə bağlı fikirlərimi bildirmək istəyirəm. Təbii ki, vacib layihələrdir. Ziyafət müəllim də qeyd etdi ki, bu, stimullaşdırma üçün çox vacib şərtlərdən biridir. Amma stimullaşdırma birtərəfli olmur. Birtərəfi stimullaşdırırıq, ikinci tərəfdən onun qarşısını kəsirik. 
Burada həmkarlarım torpaqla bağlı xeyli fikirlər söylədilər. Ümummilli lider tərəfindən Azərbaycanda torpaq islahatı postsovet məkanında ilk dəfə həyata keçirildi və torpaq insanlar arasında bölündü. Uzun müddətdir, bu proses davam edir. Hər bir kəsin pay torpağı var və ondan istifadə hüququ həmin şəxsin özünə verilir.
Yaxşı, mən başa düşürəm, burada obyektiv və subyektiv səbəblər var. Cənab Prezident də keçən dəfə birbaşa məsələ qaldırdı ki, torpaqlardan mütləq istifadə olunmalıdır, çünki ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatının, qeyri-neft sektorunun inkişafı vacib amillərdəndir. Lakin biz gərək bunun üçün bir tədqiqat aparaq ki, zəlzələdən, ya vəlvələdənmi bu torpaqdan istifadə etmirlər. Bəli, adam var ki, tənbəllik edir, əkmək istəmir – bu tamam başqa bir məsələnin mövzusudur. Digər tərəfdən, biri xərc qoyur, əkir, becərir, amma məhsulunu bazara çıxarıb sata, yaxud emal müəssisəsinə verə bilmir.
Burada başqa məsələlər də var. Keçmişdə bununla bağlı kompleks tədbirlər görülürdü, tədarük məntəqələri var idi. Məhsul tədarük olunurdu, yaxud emal müəssisələrinə verilirdi. İndi necədir? Kənd təsərrüfatının üzərindən bir vergini, yəni əkin sahələrindən vergini götürmüşük, amma emal müəssisəsinin üzərinə ikiqat vergi qoymuşuq. Bunun da xərci borcunu ödəmir. Yəni emal müəssisəsi istehsal olunan kənd təsərrüfatı məhsulunu almır. Ən yaxşı halda qapısına bir qıfıl vurur və  çəkilir kənara. Gözləyir ki, vergi dərəcələri aşağı düşsün, ondan sonra bu avadanlıqları işə salsın. Ona görə də məhsulu əkib-becərən on minlərlə insan kənarda qalır və torpağı boş saxlayır. İndi biz də qərar qəbul edirik ki, buna görə hər kvadratmetrə 10 manat cərimə veriləcək. Yaxşı, bunu əkdi. Sonra bu kəndli nə etsin? Bunun yolunu göstərək, ondan sonra cərimə tətbiq edək. Təşəkkür edirəm.
Sədrlik edən. Qapısını bağlayan emal müəssisəsi artıq müəssisə deyil.  Emal müəssisəsini açıblar ki, işlətsinlər. Ziyad müəllim də dedi ki, hazırda  Vergi Məcəlləsinin üzərində iş gedir, dəyişikliklər olacaq. Onda bu məsələyə qayıtmaq olar. Çıxışlar təkrar olunur, yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Araz Əlizadə.
A.Əlizadə. Möhtərəm Ziyafət müəllim, gözəl başa düşürəm ki, biz qlobal məsələlərlə məşğul oluruq, Azərbaycanın gələcəyini düşünürük, nəyisə stimullaşdırırıq və sair. Lakin ulu öndər Heydər Əliyev tərəfindən stimullaşdırılmış, Prezident cənab İlham Əliyev tərəfindən davam etdirilən mətbuata qayğını, mətbuatın ayaq tutub yeriməsi üçün çəkilən o qədər əziyyəti əgər bir dənə səhv qərarla yerə vururlarsa, bizə belə gəlir ki, Vergi Məcəlləsinə bir cümlə əlavə etməklə bu məsələni həll edəcəyik və bir daha buna qayıtmayacağıq. Çox sağ olun, bağışlayın, əziyyət verdim. 
Sədrlik edən.  Xanhüseyn müəllim, buyurun.
X.Kazımlı. Söz verdiyinizə görə təşəkkür edirəm. Amma  cənab Prezident tərəfindən daim sahibkarlığın inkişafına qayğının göstərilməsi baxımından, ümumiyyətlə, emal müəssisələri ilə kənd təsərrüfatı müəssisələri arasında əlaqələrin yaradılmasına köməklik edən, maraq yaradan amillərə güc, üstünlük vermək doğru olardı. Deputat həmkarım Siyavuş müəllimin dediyi kimi, mən də hesab edirəm ki, bu, məqsədəuyğun olardı. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Biz 10-cu məsələ ilə bağlı komitədə çox geniş müzakirə aparmışıq və iclasda Dövlət Gömrük Komitəsindən, Vergilər Nazirliyindən aparıcı mütəxəssislər iştirak ediblər. Biz orada bir neçə məsələni çox ciddi şəkildə qaldırdıq. Kənd Təsərrüfatı Nazirliyindən də nümayəndələr iştirak edirdilər.
Birincisi, Kənd Təsərrüfatı Nazirliyi respublika üzrə istehsalçılar arasında monitorinq aparmalıdır. İstehsal olunan məhsulların miqdarını dəqiqləşdirib Dövlət Gömrük Komitəsinə məlumat verməlidir ki, bu məhsul respublikada müəyyən müddətə ehtiyacı ödəyir. Ona görə ya bu məhsulun respublikaya gətirilməsinə qadağa qoyulsun,  ya da onun vergi rüsumu qaldırılsın.
İkinci, həmkarlarım tərəfindən çox düzgün qeyd olundu ki, sovetlər dövründə mövcud olan qəbul məntəqələrində bu məhsulların alış  qiymətləri var idi. İstehsalçının, kəndlinin istehsal etdiyi məhsul həmin qiymətə dövlət tərəfindən alınırdı. Əfsuslar olsun, bu gün o qiymətlər tənzimlənmir.
Təmsil etdiyim Xaçmaz rayonunda böyük bir konserv zavodu var. Bilirsiniz ki, hazırda Xaçmazda ən çox istehsal olunan məhsul pomidordur. Bu pomidorun alış qiyməti 9 qəpikdir. Xaçmaz konserv zavodu özü qiymət təyin edib. Nə dövlət, nə Nazirlər Kabineti, nə də Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu qiymət təsdiqlənib. Özü qiymət təyin edib və insanlar çox əziyyət çəkirlər. Əziyyət nədən ibarətdir? Özünüz bilirsiniz ki, bu işə çox böyük əmək, vəsait sərf olunur, amma  sonda 9 qəpiyə alınır. Söhbət təkcə pomidora deyil, alma istehsalına da aiddir. Alma da qəpik-quruşa alınır. Hesab edirəm ki, Kənd Təsərrüfatı Nazirliyi  tərəfindən bu məsələlər tənzimlənməlidir. Alış qiymətləri təyin olunmalı, bu məsələ Nazirlər Kabineti tərəfindən təsdiqini tapmalıdır.
Toxunmaq istədiyim digər məsələ torpaq sahəsinin hər 100 kvadratmetrinə 10 manat vergi təyin olunması ilə bağlıdır. Mən də  bununla razıyam. Əlbəttə, respublikamızda yüzlərcə hektar icarəyə götürülmüş torpaqlar var ki, onlardan istifadə olunmur. Bu torpaqlardan mütləq istifadə etməyə başlamaq lazımdır. Əgər özləri istifadə edə bilmirlərsə, qaytarsınlar. Müqavilələrini pozsunlar və bu torpaqlar ondan istifadə etmək istəyən fiziki və hüquqi şəxslərə verilsin.
Amma burada bir məqam var. Ulu öndərimizin vaxtı ilə  torpaq islahatı aparıb və oradan da götürülmüş “pay torpaqları” var. Bu torpaqlar kəndliyə pay kimi verilib. Bu əgər pay torpağıdırsa, üzr istəyirəm, sözümü qəbahət kimi qəbul etməyin, istərəm əkərəm, istərəm əkmərəm. Bu mənim pay torpağımdır. Mən çox dərinə getmək istəmirəm, sadəcə, həmkarım bu məsələyə çox düzgün toxundu. Bunu dəqiqləşdirmək lazımdır ki, kəndli öz torpağında niyə məhsul əkmir? Səbəblərini araşdırmaq lazımdır. Sabah gəlib pay torpağına malik kəndlidən hər 100 kvadratmetrə 10 manat istəyəndə bu yenə böyük bir problem olacaq. Mən hesab edərdim ki, bu məqamlara baxmaq və bunu araşdırmaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Görürsünüz, hamıya söz verirəm. Vahid Əhmədov danışsın, amma dalbadal danışanda olmur. Yaxşı, deyin fikrinizi. Buyurun.
V.Əhmədov. Çox sağ olun. Oqtay müəllim, Çingiz müəllimin, Siyavuş müəllimin və İlham müəllimin toxunduğu məsələ komitənin iclasında ciddi müzakirə obyekti olub. Doğrudan da, biz bu gün bu qanunu qəbul etsək, sabah pay torpaqları ilə bağlı çox ciddi mübahisələrlə üzləşəcəyik. Pensiyaçıdır, 50 sot torpağı var, əkməyə imkanı yoxdur. Ya 1 hektar torpağı var, amma əkmir. Ona görə də biz pay torpaqlarına bunu şamil edə bilmərik. Pay torpaqlarına şamil etsək, inanın, biabırçılıq olacaq. Mən hesab edirəm ki, Prezident Administrasiyası ilə danışmaq lazımdır və oraya “pay torpaqları” sözlərini əlavə etmək, ya da müəyyən hədd qoymaq lazımdır. Misal üçün, 10 hektardan yuxarı istifadə olunmayan torpaqlar, ya da 5 hektardan yuxarı istifadə olunmayan torpaqlar başa düşüləndir. Amma 50, 70 sot pay torpağı olan insan ondan istifadə etmirsə, ondan əlavə vəsait tələb etmək düzgün deyil. Ona görə də xahiş edərdim ki, bu məsələyə baxılsın. Sağ olun.
Sədrlik edən. Ziyad müəllim, Siz komitədə nə qərar verdiniz? 
Z.Səmədzadə. Vergilər Nazirliyinin nümayəndəsi Samirə xanım məlumat verdi. Pay torpaqlarının həcmi, – indi Eldar müəllim də məlumat verər, – o qədər də böyük deyil. Yəni heç kimə 10 hektar, 20 hektar, 30 hektar pay torpağı verilməyib. Pay torpaqlarının həddi minimumdur. Ona görə bu məsələ açıq qaldı.  Əsaslandırdılar ki, bu belə olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, böyük həcmdə pay torpaqları ola bilməz. Yəqin ki, 50 sotdan artıq pay torpağı yoxdur.  Ona görə bu məsələni mən də diqqətdə saxlayacağam və bu barədə bir daha danışarıq.
Hesab edirəm ki, məsələ kifayət qədər müzakirə olundu. Xahiş edirəm, 10-cu məsələyə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-ci məsələyə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 79
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 84
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Ümumiyyətlə, mən komitə sədrlərinin hamısından xahiş edirəm, mübahisəli məsələləri həll etməmiş qanun layihəsini Milli Məclisin gündəliyinə çıxarmayın. Əgər nəyəsə imkanınız, gücünüz çatmırsa, rəhbərliklə məsləhətləşin ki, belə mübahisəli məsələlər burada olmasın.
Gündəliyin növbəti məsələsi “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. 12 və 13-cü məsələlər cənab Prezident tərəfindən bir məktubda göndərilib. Maliyyə Bazarlarına Nəzarət Palatasının yaradılması ilə əlaqədar olaraq biz “Banklar haqqında” Qanuna kifayət qədər dəyişikliklər etdik. Demək olar ki, çoxsaylı maddələrdə dəyişikliklər etdik. Növbəti dəyişiklik Azərbaycan Respublikasının Mülki Məcəlləsinin “Hüquqi şəxs tərəfindən aidiyyəti şəxslərlə ədlərin bağlanması qaydası” adlanan 49.1-ci maddəsinin müddəalarına uyğunlaşdırmadır. Sözü gedən qanun layihəsi “aidiyyəti olan şəxslərə verilən kreditin məbləği bankın aktivlərinin 5 faizədək hissəsini təşkil etdiyi halda, həmin şəxslərə kreditlərin verilməsi barədə qərarın qəbul edilməsi səlahiyyətinin  səhmdarların ümumi yığıncağına həvalə edildiyi hallar istisna   olmaqla bankın müşahidə şurasının qərarı olmadıqda” bankların aidiyyəti şəxslərə kreditlərin verilməməsi ilə əlaqədardır. Yəni bu məsələlər həm səhmdarların hüquqlarını artırır, həm də müşahidə şurasının vəzifələrini daha da dəqiqləşdirir. 5 faizə qədərdirsə, bunlar mütləq müşahidə şurasının icazəsi ilə olmalıdır.
Eyni məsələ “Sığorta fəaliyyəti haqqında” Qanunda da öz əksini tapır. “Əlaqəli” sözü “aidiyyəti” sözü ilə əvəz edilir.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Biz bu gün “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsini müzakirə edirik. Əlbəttə ki, bu dəyişikliklər banklarda müqavilələrin bağlanmasının daha şəffaf olmasına, kreditlərin verilməsi şərtlərinin bir az  sərtləşdirilməsinə və daha dəqiq olmasına yönəlib.
Məsələn, Ziyad müəllim də dedi ki, yeni təklifə əsasən kredit məbləği bankın aktivlərinin 5 faizindən çoxunu təşkil etdiyi halda, müstəqil auditorun rəyi, səhmdarların ümumi yığıncağının qərarı olmalıdır və sair. Biz bunu başa düşürük, çünki son zamanlar bir çox bankların kredit siyasəti iflasa uğrayıb. Bankların kredit siyasəti onların özlərinə əhəmiyyətli dərəcədə ziyan vurub.
Bununla əlaqədar kiçik və orta sahibkarlığa ayrılan kreditlərlə bağlı məsələni qeyd etməliyik. Belə ki, bir çox sahibkarlar, xüsusilə də kənd təsərrüfatı ilə məşğul olanlar iri təsərrüfata sahib olmalarına baxmayaraq kredit ala bilməməkdən şikayətlənirlər. Ehtiyat edirəm ki, bu şərtlər qüvvəyə  minəndən sonra sahibkarların kredit alması  daha da çətinləşəcək. Buna görə istərdim ki, aidiyyəti dövlət qurumları və  banklar bu cür məsələlərdə  həssaslıq nümayiş etdirsinlər və kredit alanlara fərq qoysunlar. Əgər sahibkarların kredit sənədlərində çatışmazlıq varsa, həmin şəxslərə hüquqi yardım göstərilsin, aradan qaldırılması tələb olunan çatışmazlıqlar ətraflı izah edilsin.
Düşünürəm ki, kənd təsərrüfatının inkişafına ayrılan kreditlərin verilmə şərtləri bir qədər yumuşaldılmalıdır. Fermerlər bildirirlər ki, hərdən onlara qarşı ağlasığmaz və ağır tələblər irəli sürülür. Ən əsası da işgüzar və əməli işlə məşğul olan sahibkarlar illərlə dövlət strukturları ilə bank arasında get-gələ salınırlar. Bilirsiniz ki, bu yaxınlarda Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planının təsdiq edilməsi haqqında cənab Prezident sərəncam imzaladı. Bu plana əsasən bütün dövlət strukturlarında şəffaflıq standartları təmin edilməlidir. Bankların kredit siyasətində də,  nəhayət, bu standartlar tətbiq olunmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. İlham Əliyev.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən istəyirəm, bir məlumat verəm. Bu yaxınlarda komitəmizin sədri hörmətli Ziyad müəllim, Ağalar müəllim və mən Azərbaycan Banklar Assosiasiyası tərəfindən təşkil olunmuş bir tədbirdə iştirak etdik. Açığı, çox şad idim ki, Azərbaycan Banklar Assosiasiyasına daxil olan bankların böyük qisminin sədrləri orada iştirak edirdilər.  Mən orada  fürsətdən istifadə edərək ciddi bir məsələyə toxundum və öz iradlarımı bildirdim. Bu iradlar  nədən ibarət idi?
Çoxlu sayda seçici, əsasən də, xırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar şəxsən mənə müraciət edirlər. Oqtay müəllim, inandırım Sizi o kredit müqavilələr elə xırda şriftlə yazılır ki, onları hətta eynəklə normal oxumaq mümkün deyil.
Biz burada deyirik ki, insanları televiziya və radio vasitəsi ilə maarifləndirməliyik. Ehtiyac yoxdur. Elə ilk marifləndirici insan onun qarşısında əyləşib kredit müqaviləsini tərtib edəndir. O gərək vətəndaşı başa salsın ki, bax müqavilədə bu yazılıb, bu bəndlər var. Onu tanış eləməlidir.
Şükürlər olsun ki, Azərbaycanda hamının ali savadı var. Amma maliyyə, pul münasibətləri ilə yaxından tanış olmayan insanlar o müqaviləni oxumadan imzalayırlar. Onlara “dollar ekvivalenti” sözləri yazılan müqaviləyə baxmayaraq manatla pul verirlər. O insan da götürür manatını gedir. Üstündən bir müddət keçib və son bir ildə Azərbaycanda manatın məzənnəsi iki dəfə aşağı düşüb. Əlbəttə ki, müqavilə əsasında  birinci məbləğ 0,78-ə, sonra 1,05-ə, sonra da 1,55-ə vuruldu. Bununla da manat məbləği qalxdı. Bu insanda da haqlı bir sual əmələ gəlir ki, axı siz mənə manatla pul vermişiniz, 10 min, 20 min indi necə 27 və 30 min oldu? Burada bu problemlər başlayır. Mən də həmin görüşdə çox ciddi iradlarımı bildirdim və xahiş elədim ki, burada insanları yükləməklə yox...
Bir məsələyə də toxunum. Siz hamınız məndən də yaxşı bilirsiniz ki, öz risklərini sığortalamaq üçün faizləri çox yüksək götürürlər. Əgər bu gün bir bankın tutalım ki, verdiyi 500 milyon kreditin yarısı qayıtmasa, o qaytarılmamış kreditin məbləğini verdikləri yüksək faizlərlə qaytaran insanlardan tutub alırlar. Müqavilələrdə faiz göstərilməyib. Mən özüm şəxsən müqaviləni oxumuşam.
Yaxın günlərdə mənə bir qrup insan müraciət elədi. Xaçmaz bilirsiniz ki, inkişaf eləyən rayonlardan biridir və bu şəhərdə respublikamızın ən inkişaf eləmiş banklarının filialları var. Xeyli insan şəxsiyyət vəsiqəsinin surətini verməklə oradan kredit götürür. Kredit müqaviləsində faiz göstərilməyib. Bu gün pulu götürürsən, sabah həmin pul faizə, ümumi rəqəmə bölünür və qaytarılma prosesi başlayır. Budur bizim bəlamız. Mən sizdən xahiş edirəm ki, bu məsələyə çox ciddi münasibət göstərəsiniz. İnsanları fəlakətə sürükləmək olmaz. İnsanlar problem içindədirlər. Onların götürdüyü məbləğləri 1,05 vururlar və deyirlər ki, sən başqa bir məbləğ verməlisən. Bu, vətəndaşların banklar tərəfindən aldadılmasıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, İlham müəllim. Birinci, kredit götürən adam bilməlidir ki, faizi neçədir. Necə yəni, faiz yazılmır. O bilmir? Necə olur, faizsiz kredit götürür? Ona hədiyyə edirlər? Dollarla kredit məsələsi, bilirsiniz ki, artıq bağlandı.
Ancaq o biri məsələni düz deyirsiniz. Mən ikinci dəfədir eşidirəm, müqavilələr çox kiçik şriftlərlə yazılıb. Yəqin banklar kağıza qənaət edirlər. Ancaq kredit götürən hər adam öz haqqını bilməlidir.
Ziyad müəllim, Siz o assosiasiyanın iclasında iştirak eləmisiniz. Siz parlament adından o məsələləri yazın və bir daha onlara göndərin.
Xahiş edirəm, 12-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.30 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi
 
Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 13-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.31 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
14–15-ci məsələlər də bir zərfdə gəlib, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlıdır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, Cinayət Məcəlləsində və İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklər kifayət qədər mütərəqqi məsələlərdir. Sizə arayışlar da təqdim olunub.
Ümumi nəticə və məruzə edəcəyim məlumat ondan ibarətdir ki, Cinayət Məcəlləsində nəzərdə tutulan dəyişikliklər ilk növbədə mülkiyyət əleyhinə və iqtisadi fəaliyyət sahəsində olan cinayətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar obyektiv məlumat vermiş və cinayətin üstünün açılmasında iştirak etmiş şəxslərlə bağlı daha yüngül cəzanın tətbiq olunması, bir sıra cinayət əməllərinin dekriminallaşdırılması və bu əməllərə görə cinayət törətmiş şəxslərin məsuliyyətinin yüngülləşdirilməsi məqsədi daşıyır. Eyni zamanda, vacib məqamlardan biri ondan ibarətdir ki, bundan sonra “böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkumluqlar”, “yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluqlar” və “bu məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar” artıq residiv müəyyən edilməsi üçün nəzərə alınmayacaq. Bu kifayət qədər ciddi və hesab edirəm ki, liberal bir yanaşmadır.
Bundan başqa, bir sıra maddələrdə – 165, 165-1-2, 165-3-cü maddələrdə “xeyli miqdarda məbləğ” məsələsi qeyd olunur. O məbləğlər artırılır. Həm az miqdarda, həm də xeyli miqdarda məbləğin artırılması o deməkdir ki, bundan sonra daha aşağı miqdar artıq cinayət məsuliyyəti yaratmayacaq.
Bundan başqa, 24 cinayət üzrə “külli miqdar” məbləğinə aydınlıq gətirilir. Oxşar müddəalar gömrük ödənişlərinin ödənilməsindən yayınma cinayətlərinə də tətbiq olunur.
Təxminən oxşar yanaşma İnzibati Xətalar Məcəlləsində də öz əksini tapır. Belə ki, bir neçə misal çəkmək istəyirəm. Misal üçün, İnzibati Xətalar Məcəlləsində “Yalançı sahibkarlıq” maddəsi var. Burada xüsusi, yeni bir qeyd var. Qeyd olunur ki, əgər bu maddədə nəzərdə tutulan əməli ilk dəfə törətmiş şəxs inzibati xəta nəticəsində vurulmuş ziyanı tamamilə ödədikdə və ya inzibati xəta nəticəsində əldə edilmiş gəliri tamamilə dövlət büdcəsinə köçürdükdə inzibati məsuliyyətdən azad olunur. Bu misalı ona görə çəkdim ki, İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin əsas məqsədi dəymiş ziyan ödənilirsə, onda məsuliyyətdən azad olunma fəlsəfəsindən istifadə olunmasıdır. Xatırlayıram ki, millət vəkilləri məsuliyyətin liberallaşdırılması ilə bağlı bu cür təkliflər vermişdilər.
Bütövlükdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər sağlamlıq əleyhinə olan inzibati xətalara, mülkiyyət əleyhinə olan inzibati xətalara və iqtisadi fəaliyyət qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin yüngülləşdirilməsi məqsədi daşıyır. Hesab edirəm ki, həm Cinayət Məcəlləsinə, həm də İnzibati Xətalar Məcəlləsinə cənab Prezident tərəfindən təklif olunmuş bu dəyişikliklər çox mütərəqqidir. Onlar liberal xarakter daşıyır, məsuliyyətin yüngülləşdirilməsinə xidmət edir və miqdarların qaldırılması ilə bir sıra kiçik, az miqdarlı xətaların və əməllərin, ümumiyyətlə, dekriminallaşdırilmasına yönəlmişdir. Sizdən bu mütərəqqi layihəyə səs vermənizi xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, hörmətli Sədr. Hazırda İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələrini müzakirə edirik. Göründüyü kimi, adı çəkilən məcəllələrin bir sıra maddələrində, – oğurluq, avtomobil ələ keçirmə, əmlakı qəsdən məhv etmə, ya da zədələmə və sairdə cərimələr sərtləşdirilir. Cərimələr 300 manatdan 500 manata, 700 manatdan 1000 manata, 1000 manatdan 3000 manata qədər artırılır. Bunu ağlabatan hesab etmək olar. Yəni günlərini dəmir barmaqlıqlar arasında keçirmək istəmirsənsə, buyur, cərimə ödə və azadlıqda qal. Belə təcrübə Qərb ölkələrində mövcuddur. Özü də orada cərimələr bizimkindən qat-qat sərtdir və yüksəkdir. Ona görə də mən bu dəyişiklikləri dəstəkləyirəm.
Lakin bununla yanaşı, bir məsələni mütləq qeyd etmək lazımdır. Bu da cəmiyyətimiz tərəfindən məhkəmə qərarlarının icraatına qarşı laqeydliyin olmasıdır. Belə ki, məhkəmənin təyin etdiyi cərimələr vətəndaşlar tərəfindən hətta 3, 4 , 5 il ərzində ödənmir və onlar bunu ödəmək fikrində də deyillər. Bir tərəfdən imkansızlıq, digər tərəfdən isə məsuliyyətsizlik hökm sürür.
Mən respublika üzrə cərimələrin neçə faizinin icra olunması ilə maraqlandım. Demək olar ki, cərimələrin 50-60 faizi icra olunmur. Məsələn, alimentdən boyun qaçıran insanların sayı minlərlədi. Həqiqətən də, dövlət orqanlarının tələblərinə, məhkəmə qərarlarına laqeyd yanaşma, məhkəmə qərarlarının cavabdehlər tərəfindən icra edilməməsi günümüzdə çox aktualdır. İstər aliment, istər kredit öhdəlikləri, istərsə də digər mülki mübahisələrlə bağlı məhkəmə qərarlarının icrasından 10 minlərlə yayınma var.
Bildiyiniz kimi, məhkəmə qətnaməsini, hökmünü, qərarını, ya da əmrini qərəzli olaraq icra etməmə, ya həmin məhkəmə aktlarının icrasına maneə törətməyə görə Cinayət Məcəlləsinin 306-cı maddəsində 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Amma hələ də bəzi vətəndaşlar bu maddənin təsiri altına düşməkdən qorxmurlar. Ona görə bir təklif eləmək istəyirəm.
Məlumat üçün qeyd edim ki, keçən ilin noyabrında Rusiya Dövlət Duması yol hərəkəti qaydasının pozulmasına görə müəyyən olunan cəriməni və 10 min rubldan çox aliment borcunu ödəməyən şəxslərin sürücülük hüququndan məhrum edilməsini nəzərdə tutan qanun qəbul etdi. Bu qanun həmçinin sağlamlığa ziyana görə zərərin ödənilməməsi, ailə başçısının ölümünə görə ziyanın ödənilməməsi, cinayət nəticəsində vurulan ziyanın ödənilməməsi və sairə görə də sürücülük hüququnun məhdudlaşdırılmasını nəzərdə tutur. Bu, əlbəttə, bizim üçün gözəl nümunə ola bilər.
Yeri gəlmişkən, bir neçə il əvvəl mən belə bir təkliflə çıxış etmişdim ki, alimentin icrasından boyun qaçıran şəxslərin ölkədən çıxmasının qarşısının alınması ilə yanaşı, onların sürücülük hüququ da məhdudlaşdırılsın. Biz Rusiyadan fərqli olaraq təkcə aliment öhdəliyini icra etməyənlərə qarşı yox, ümumiyyətlə, mülki öhdəlikləri yerinə yetirməyənlərə, təyin edilən cərimələri ödəməyənlərə qarşı bənzər tədbirlər həyata keçirə bilərik. Düşünürəm ki, bu cür tədbirlər öhdəliklərin yerinə yetirilməsində əhəmiyyətli rol oynaya bilər. Buna görə mən cərimələri sərtləşdirməklə yanaşı, Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə yeni maddənin də salınmasını təklif edərdim. Fikrimcə, cərimələri ödəməyənlərə ölkədən çıxmanın qadağan olunması, müxtəlif lisenziyaların geri alınması, sürücülük hüququnun məhdudlaşdırılması və sair kimi müddəaları nəzərdə tutan dəyişiklikləri etməliyik ki, bu gün və gələcəkdə edəcəyimiz dəyişikliklər icra olunsun. Bunlar çox gözəl dəyişikliklərdir, lakin onların bu gün icrası sual altındadır. Çox sağ olun.
Sədrlik edən. Elmira xanım, sürücülük vəsiqəsi olmayanları nə edəcəksiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Biz də qanunvericiliklə məşğuluq, qanunvericilik bazası var. İcra strukturları da öz işlərini normal görməlidirlər. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Hörmətli Əli müəllimin fikri ilə razıyam ki, həqiqətən, dəyişikliklər mütərəqqi xarakter daşıyır. Sözsüz ki, biz bunu təsdiqləyəcəyik.
“Qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma” adlı 234-cü maddədə qeyd edirik ki, əgər bu işlərlə məşğul olan ayrı-ayrı vətəndaşlar bu cinayətin açılmasında hüquq mühafizə orqanları ilə yaxından əməkdaşlıq edərlərsə, cinayət məsuliyyətindən azad olunurlar. Amma Oqtay müəllim, 234 maddənin birinci hissəsi var: “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama – 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Bu şəxsi istehlak miqdarı da tutaq ki, marixuanadırsa təqribən 4 qram nəzərdə tutulur, ola bilər, 0,4 qram. Dəqiq bilmirəm, ola bilsin, səhv edirəm. Rafael müəllim indi yerdən qeyd elədi.
Biz də qəbul eləmişik ki, narkomanlıq cinayət sayılmır, bu, bir xəstəlikdir. O kimdənsə şəxsi istehlakı üçün narkotik maddə alır və 0,1 qram artıq olur. Bu adamı tutub həbsə göndərməliyik ki niyə aldığın o maddə 0,1 qram artıq gəlib? Dünyanın bir çox yerində – xüsusilə inkişaf etmiş ölkələrdə artıq marixuana çəkməyə görə cinayət məsuliyyəti aradan qaldırılıb. Yəni onlar başa düşürlər ki, qadağalar yolu ilə buna qarşı mübarizə aparmaq heç bir səmərə vermir. Bunu leqallaşdırmaq lazımdır ki, onu istehlak edən şəxslərin dəqiq dairəsi bilinsin. Həmin adamlar müəyyən nəzarət altında olmalıdırlar ki, onlarla müəyyən iş aparılsın, müalicələr təşkil olunsun. Amma hüquq mühafizə orqanları ilə əlaqəli işləyən bütün millət vəkilləri də bilirlər ki, bizdə həbsxanada olanların böyük əksəriyyəti narkomanlardır. Dövlət onları həbsxanada saxlamaq üçün kifayət qədər pul xərcləyir. Bu kimə və nəyə lazımdır?
İki gün bundan öncə Ədliyyə Nazirliyinin Penitensiar Xidməti tərəfindən 6 saylı cəzaçəkmə müəssisəsinə dəvət olunmuşduq. Məhkumların əl işləri ilə tanış olduq. Oqtay müəllim, bizdən xahiş etdilər ki, bu məsələni qaldıraq. Orada, doğrudan da, çox gözəl suvenirlər hazırlanır. Yaxşı olar ki, məsələn, Mədəniyyət Nazirliyi həmin Penitensiar Xidmətlə əməkdaşlıq eləsin və suvenirlərin sifarişini versin. Orada çox gözəl suvenirlər gördük. Yəni insanlar orada əməyə cəlb olunublar, onlara müxtəlif peşə öyrədirlər.
Bir müddət öncə mən qadınların cəzaçəkmə müəssisəsində olmuşdum. Orada da qadınların əl işləri ilə tanış olmuşduq. Necə gözəl xalçalar toxuyurlar. Amma bizə deyildi ki, məhkumların bir çoxu yenidən cinayət törədib həbsxanaya qayıdır, ona görə ki, iş tapa bilmirlər. Təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkələrində işə götürənlər məhkum olunmuş şəxsləri işə götürməkdə maraqlı olmurlar. Onun üçün orada stimullaşdırma, qanunvericiliklə müvafiq qaydalar qəbul olunub. Əgər məhkum olunmuş şəxsi hər hansı bir müəssisə işə götürürsə, ona vergi güzəşti nəzərdə tutulur. Yəni bu insanların iş tapması, yenidən həyata qayıtması, cəmiyyətə qaynayıb-qarışması üçün mütləq müvafiq tədbirlər görülməlidir.
İndi Əli müəllim dedi, 18-ci maddədə residiv cinayətlərin sayının azaldılması üçün yüngülləşdirici yeni bəndlər əlavə edirik ki, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə, yetkinlik yaşına çatmayanlar tərəfindən törədilmiş cinayətlərə görə məhkumluq residiv cinayətlər kimi qəbul olunmasın. Amma bu biri tərəfdən də, dediyim kimi, biz gərək qanunvericilik səviyyəsində işlər görək ki, həmin insanlar yenidən ora qayıtmasınlar, özlərinə iş tapa bilsinlər.
Söylədiyim kimi, bu bir xəstəlikdir və narkomanları həbsxanaya doldurmağın heç bir adı yoxdur. Onları yalnız məcburi qaydada tibbi müalicəyə göndərmək lazımdır. 234-cü maddənin 1-ci hissəsi. Yəni bu satış məqsədi ilə saxlayıbsa, istintaq orqanı bunu sübut edirsə, o halda həmin şəxs məsuliyyətə cəlb olunmalıdır. Bunu daşıyırsa, hazırlayırsa, onun satışı ilə məşğuldursa, bu başqa məsələdir. Amma tutaq ki, narkotik maddə şəxsi istehlak miqdarından artıqdırsa, buna görə insanları həbsə atmaq düzgün deyil. Özü də bəlkə o iki dəfəlik alıb. Gündə bir dəfə istehlak eləyirsə, bəlkə 3 günlüyünü birdəfəlik alıb. Bunun başqa məqsədi yoxdur, amma istehlak eləyəcək. Onu bu halda həbsxanaya salmağın adı yoxdur. Bu qərarı, nəhayət, qəbul eləməliyik. Dünya artıq bu yola çoxdan keçib. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli müəllim, sözünüz var? Məsələlərə sizin komitədə baxılıb.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İşləyin, baxın, təklifinizi verin. Xahiş edirəm, 14-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 15-ci məsələyə – İnzibati Xətalar Məcəlləsinə dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 87
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun layihəsidir. Bu qanun layihəsinin ikinci oxunuşudur. Mən bilirəm ki, müvafiq komitə bu qanun layihəsinin üzərində çox işləyib, ciddi dəyişikliklər aparıb və ikinci oxunuşa çıxarılması üçün tövsiyə edib. İkinci oxunuş olduğu üçün xahiş edirəm, qanun layihəsinin əsas kimi qəbul edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, əsas kimi qəbul elədik. Qanunu şərh eləmək üçün Ziyad Səmədzadəyə söz verilir.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun layihəsi Milli Məclisə Azərbaycan Respublikası Prezidentinin qanunvericilik təşəbbüsü hüququ ilə daxil olmuşdur. Qanun layihəsi birinci oxunuşda konseptual baxımdan qəbul olunmuşdur. Qanun layihəsinin müddəaları Tariflər və Ticarət üzrə Baş Sazişin (GATT-1994) VI maddəsinin tətbiqi haqqında, Antidempinq tədbirləri haqqında, Subsidiyalar və kompensasiya tədbirləri haqqında və Mühafizə tədbirləri haqqında sazişlərə uyğun hazırlanmışdır. Bu səbəbdən də qanunun dili çox ağır idi və bəzi müddəalar ya başa düşülmür, ya da nəzərdə tutulandan fərqli məna verirdi. Bununla bağlı millət vəkilləri tərəfindən birinci oxunuşda bir sıra iradlar və təkliflər irəli sürülmüşdü. Bütün bunları nəzərə alaraq Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində İqtisadi siyasət şöbəsi ilə birlikdə işçi qrupu yaradıldı.
Qanun layihəsi üzərində ikinci oxunuşa qədər qısa müddət ərzində bir çox dəyişikliklər edildi. Qanun layihəsinin dili asanlaşdırılıb, qeyri-müəyyən müddəalara aydınlıq gətirilib. Belə ki, qanun layihəsində “anlayışlar”ın sayı 23-dən 16-ya endirilmiş, onların mahiyyəti daha da dəqiqləşdirilmişdir. Bəzi anlayışlar çıxarılmış, bəziləri birləşdirilmiş, bəziləri də qanunun məqsədləri üçün yeni redaksiyada daha aydın şəkildə verilmişdir.
Məsələn, “baxılan mal” anlayışı “Əsas anlayışlar”dan çıxarılmış və mətndə “araşdırılan mal” kimi verilmişdir. “Antidempinq rüsumu” anlayışı “antidempinq tədbiri” anlayışı ilə birləşdirilmişdir. “Yerli istehsal sahəsinə vurulan ciddi zərər”, “yerli istehsal sahəsinə vurulan maddi zərər”, “yerli istehsal sahəsinə ciddi zərər vurulma təhlükəsi”, “yerli istehsal sahəsinə maddi zərər vurulma təhlükəsi” anlayışları məna baxımından yaxın olduqları üçün bir anlayışda birləşdirilmişdir.
Qanun layihəsinin əsasını təşkil edən maddələrdən biri olan 5-ci maddə – “Dempinqli idxalın müəyyən edilməsi” sadələşdirilmiş və anlayışlı şəkildə yeni redaksiyada verilmişdir. 5.3-cü maddədə nəzərdə tutulur ki, ixracatçı ölkənin daxili bazarında istehlak üçün nəzərdə tutulmuş oxşar malın satış həcmi həmin malın gömrük ərazisinə idxal həcminin 5 faizindən az olmadıqda normal dəyərin müəyyən edilməsi üçün kifayət edəcək miqdar hesab olunur. Lakin ikinci cümlədə 5 faizdən aşağı rəqəmin də müəyyən formada əsas ola biləcəyi nəzərdə tutulurdu ki, bu da ziddiyyət təşkil edirdi. İşçi qrupu tərəfindən bu cümlə də çıxarılmışdır.
Bəzi ifadələr və anlayışlar “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanunundakı ifadə və anlayışlarla üst-üstə düşürdü. Bu ifadələr də uyğunlaşdırılmışdır.
Qanun layihəsinin 7.7-ci maddəsində “baxılan mal üçüncü ölkədən tranzit keçdikdə” ifadəsi maddənin tətbiqi baxımından dəqiq olmadığına görə “araşdırılan mal üçüncü ölkəyə təkrar ixrac məqsədilə gətirildikdə”  kimi verilərək qeyri-müəyyənik aradan qaldırılmışdır.
Bütövlükdə məlumat vermək istəyirəm ki, işçi qrupu qanun layihəsi üzərində işləyərkən İqtisadiyyat Nazirliyi və Dövlət Gömrük Komitəsinin nümayəndələri ilə sıx əməkdaşlıq etmiş və meydana çıxan müəyyən ziddiyyətlər aradan qaldırılmışdır. Qanun layihəsi ikinci oxunuş üçün hazırdır. Millət vəkillərindən xahiş edərdim ki, ona müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Ümumiyyətlə, bu qanunun 1-ci maddəsində qeyd olunur ki, dempinqli idxal-malın normal dəyərindən aşağı qiymətə Azərbaycan Respublikasının gömrük ərazisinə idxal edilməsi. Bu qanun layihəsinin birinci oxunuşda da çıxış etmişdim və bəzi təkliflərim müəyyən qədər nəzərə alınıb. Tək mən yox, həmkarlarım da çoxlu sayda fikir bildirmişdilər.
Qanunun 5.1-ci maddəsində qeyd olunur ki, malın ixrac qiyməti normal dəyərindən aşağı olarsa dempinqli idxal hesab olunur. Eyni zamanda, 5.2.1-ci maddədə yazılır ki, oxşar malın uyğun  gələn üçüncü ölkəyə müqayisə oluna bilən ixrac qiyməti ilə müəyyənləşdirilir.  Hörmətli Ziyafət müəllim, mən o vaxt da demişdim, bu gün də deyirəm, biz bu malların arasında fərq qoymalıyıq. Mənim biznesdən başım çıxmır, amma səfərlərdə hiss edirik ki, nələr var, nələr yoxdur.
Götürək outlet xidməti göstərən insanları. Firma tutaq ki, mövsümlə bağlı olaraq bəzi malları satışdan çıxarmaq istəyir və 500 manat dəyərində olan malı 100 manatdan satır. Bu malı da alıb ölkəyə gətirir, 200 manata satırlar. Çox yaxşı, yaxşı geyinmək istəyirlər və insanlarımız ucuz qiymətə bunu alırlar. İndi biz bu dempinqi tətbiq eləyəndə onun qiymətini bilərək məcbur edəcəyik ki, bunun dəyəri 500 manatdır, ona görə vergi ver. Yenə də ölkədə bahalaşma olacaq.
Mən təklif eləmişdim ki, biz zavod istehsalı olan mallara dempinq tətbiq eləyə bilərik, çünki hamı bilir ki, misal üçün, “Toyota” maşınını qiyməti neçə manatdır. Ölkəyə daxil olarkən onun qiyməti 35 mindən 25 minə endirilirsə, bu aydın görünür və bunu da müəyyən etmək mümkündür. Sorğu edirsən və zavoddan cavabını alırsan. Hansısa bir dəzgah, avadanlıq gətirəndə bunu etmək olar. Ancaq kimsə köynək, kostyum gətirəcəksə, bu necə müəyyənləşəcək, Ziyad müəllim? “Outlet” deyilən bir sistem var, ucuz qiymətə alıb, ucuz qiymətə insanlara satmaq istəyir. Bunun əvəzində deyiləcək ki, bu firmanın kostyumu 500 manatdır, vergini də 500 manata uyğun almaq lazımdır. Mən başa düşə bilmirəm.
Mən yeri gəlmişkən, deyim ki, riyaziyyatçı deyiləm, bayaqkı hesablamamda da düz deməmişəm. Bir hektara 1000 manat vergi ödəniləcək. Kənddə yaşayan insana 5 hektar pay torpağı verilibsə, o, 5000 manat vergini necə ödəyəcək? O qanun işləməyəcək. Mən əminəm ki, cənab Prezident də ona baxıb geri qaytaracaq. İndi də bu necə müqayisə oluna bilər? Mən inanmıram ki, bu sənaye məhsullarına tətbiq oluna bilsin. Ağır texnikadır, müəyyən məsələlər var ki, olar. Amma hər halda belə eləmək lazım deyil. Ölkədə bahaçılıq olacaq. Sadəcə, biz büdcəni vergi ilə gömrüyün hesabına doldurub insanları soymaqla məşğul olmaq istəyiriksə, bu, başqa məsələ. Son vaxtlar gələn qanun layihələrində bu, hiss olunur. Insanlara yaşamaq üçün şərait yaratmaq lazımdır. Belə ola bilməz. Mən əleyhinəyəm, yenə bu maddələrdə dəyişiklik edilməlidir. Biz bunun əziyyətini sonra çəkirik. Neçə ki, cənab Prezident iki-üç dəfə qanunları geri qaytardı.
Sədrlik edən. Valeh Ələsgərov.
V.Ələsgərov. Təşəkkür edirəm, cənab Sədr. Qanun layihəsi redaktə olunandan sonra, doğrudan da, müzakirəmizə mükəmməl bir qanun təqdim olunub. Bu başdan deyim ki, mən qanun layihəsini dəstəkləyəcəyəm və xahiş edəcəyəm ki, bunu qəbul edək.
Birinci növbədə, təməl olaraq bu qanun layihəsi müvafiq beynəlxalq qurumların tələblərinə uyğun olmalı idi, bu uyğunluq var. Onların çərçivə qanunlarına, sazişlərinə uyğun olmalıdır, o da var. Bunlar çox önəmlidir, çünki sabah hansısa qurumla, ya da dövlətlə bu məsələlərlə əlaqədar hər hansı bir problem yarana bilər. Bunlar məhkəmə prosesində həll olunan məsələlərdir, ona görə də uyğunluq olmalıdır. Bu nöqteyi-nəzərdən qanun çox düzgün, çox dürüst hazırlanıb.
Çingiz müəllimin qaldırdığı məsələ ilə əlaqədar mən bir problem görmürəm. Əgər o məhsul Azərbaycanda istehsal olunmursa, burada bir problem yaranmırsa, outletdən gətirmir, haradan gətirir gətirsin. Əgər Azərbaycanda istehsal olunan məhsulun istehsalına təsir eləyə bilərsə, onda əlbəttə ki, bu qanun tətbiq olunmalıdır. Bütün dünyada da belədir. Bütün dünyada öz bazarlarını bu cür qoruyurlar. Ona görə hər hansı bir avadanlığa, paltara, ayaqqabıya, Azərbaycanda istehsal olunmayan bir şeyə  bu necə tətbiq oluna bilər? Ona görə bu qanunu qəbul eləməliyik. Çox mükəmməl, düzgün, dürüst hazırlanmış və beynəlxalq tələblərə uyğun bir qanun layihəsidir. Məndən olsa hətta üçüncü oxunuşda da qəbul eləyərdim. Sağ olun.
Sədrlik edən. Çingiz müəllim, mən sizə çox az irad tuturam, hörmətim var. Ancaq ikinci deputatdır, burada deyir ki, biz qanun qəbul eləyirik, cənab Prezident veto qoyur. Veto qoymaq cənab Prezidentin hüququdur. Cənab Prezidentin əvəzindən danışmağın düzgün deyil. Xahiş edirəm, çıxışlarınızda bir az diqqətli olun. Biri uzaqgörənlik edir, biri başqa söz deyir. Bura Milli Məclisdir.
Mən bilirəm ki, bu komitə Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında qanun layihəsinin üzərində çox işlədi. Qanunu iki həftə gecikdirdilər, amma işlədilər. Bu işə də qiymət vermək lazımdır. Səs vermirsən, öz işindir. Ancaq belə fikirlər söyləmək bizə yaraşmaz.
Bu, ikinci oxunuşdur. Qanun layihəsi beş fəsil, 31 maddədən ibarətdir. İki fəsil bir, üç fəsil də bir səsə qoyaq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, I-II fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun.
Xahiş edirəm, III, IV, V fəsillərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İndi qanunu ikinci oxunuşda bütövlükdə səsə qoyuruq. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi ikinci oxunuşda qəbul edildi. Növbəti iclas haqqında xəbər veriləcək. Sağ olun. 

 

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi