2016-ci il 20 may tarixli iclasın stenoqramı

 

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

 

PROTOKOLU № 19

 

Milli Məclisin iclas salonu.
20 may 2016-cı il.

 

İclasa Azərbaycan Respublikası Milli Məclisi Sədrinin birinci müavini Z.Əsgərov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 100 deputatı iştirak etmişdir.

 

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 98
Yetərsay 83

 

 İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

28 May – Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

 

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

28 May – Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Mehriban Əliyeva,  Əli Hüseynli, Xanhüseyn Kazımlı, Fərəc Quliyev, Zahid Oruc, Rafael Cəbrayılov, Çingiz Qənizadə, Siyavuş Novruzov, Qənirə Paşayeva, Fəzail İbrahimli, Bəxtiyar Əliyev, Musa Qasımlı

 

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

 

 

Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin birinci müavini 
Z.ƏSGƏROV

 

 

 

 


MİLLİ  MƏCLİSİN  İCLASI

 

20 may  2016-cı il. Saat 12.

 

Azərbaycan Respublikası Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

 

Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçək.

 

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 98
Yetərsay 83

 

 

Yetərsay var, iclasımıza başlaya bilərik. 
Hörmətli deputatlar, bildiyiniz kimi, bu gün bizim gündəliyimizdə bir məsələ durur: 28 May – Respublika günü münasibəti ilə amnistiya elan edilməsi haqqında qərar layihəsi. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

 

 

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi
      
Gündəlik qəbul edildi, sağ olun. 
Hörmətli deputatlar, bilavasitə qərar layihəsinin müzakirəsinə keçməzdən əvvəl bir məlumatı sizin diqqətinizə çatdırmaq istəyirəm. 1995-ci ildən bu günə qədər respublikada 61 əfv fərmanı və 10 amnistiya aktı qəbul edilibdir. Bu, sözsüz ki, hər şeydən əvvəl Azərbaycan dövlətinin humanist mahiyyətini və dövlət başçılarımızın humanist xüsusiyyətlərini göstərən əsas əlamətlərdən biridir. Qeyd eləməliyəm ki, bu amnistiya aktlarından üçünü Heydər  Əliyev Fondunun təşəbbüsü ilə qəbul etmişik. 
Bu gün Heydər Əliyev Fondunun, bilavasitə möhtərəm Mehriban xanım Əliyevanın təşəbbüsü ilə dördüncü amnistiya aktının layihəsi Milli Məclisə təqdim edilibdir. Ona görə də icazənizlə sözü Mehriban xanıma verək və o, layihə haqqında fikrini bildirsin. Buyurun, Mehriban xanım.
M.Əliyeva, Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti.
Təşəkkür edirəm. Hörmətli həmkarlar, sizi salamlayıram. Ölkəmizin ən dəyərli humanizm ənənələrinə əsaslanaraq 28 May – Respublika günü münasibəti ilə amnistiya elan edilməsini təklif edirəm. 2007-ci ildən başlayaraq Heydər Əliyev Fondunun təşəbbüsü ilə qəbul edilmiş amnistiya aktları əsasında 30 minə yaxın məhkum müxtəlif növ cəzadan azad edilmişdir. 2007-ci, 2009-cu və 2013-cü illərdə fondun təşəbbüsünü dəstəkləyən və minlərlə insana azadlıq bəxş edən hər bir həmkarıma öz dərin minnətdarlığımı bildirirəm. 
Heydər Əliyev Fondu özünün 12 illik fəaliyyəti ilə həm ölkəmizdə, həm də xaricdə böyük hörmət və inam qazanmış bir təşkilatdır. Fond hər zaman insanpərvərlik və humanizm ideyalarını rəhbər tutur, qayğı və yardıma ehtiyacı olan insanlara daim yardım etməyə çalışır. Təsadüfi deyil ki, bu gün bizə üz tutan insanlar Heydər Əliyev Fondunu son ümid yeri kimi qiymətləndirirlər və biz də bu ümidi daim doğrultmağa çalışırıq. Bu gün aza-dlıqdan məhrum olunmuş minlərlə həmvətənimizin ən böyük ümidi azadlığa çıxmaq, ailələrinə qovuşmaq və normal həyat tərzi qurmaqdır. Onları bağışlamaq, onlara yeni şans vermək onlara həyatlarında cinayətə yer olma-yan, qanunlara hörmətlə yanaşma prinsipləri üzərində qurulan yeni ömür yolu vermək deməkdir. Hər bir cinayət törədən insan öz səhvlərini, təbii ki, dərk etməlidir və gələcəkdə bu səhvlərə yol verməməlidir. Eyni zamanda, həm dövlətimiz, həm ictimaiyyətimiz, həm də hər birimiz azadlığa çıxan insanlara  normal həyat tərzi qurmalarında yardım etməliyik. 
Hörmətli həmkarlar, amnistiya aktının layihəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər cəzadan azad ediləcəklər. Bundan əlavə, bir sıra cinayətlərə görə məhkum edilmiş qadınlar, yetkinlik yaşına çatmayanlar, əlillər, qoca və ahıllar, öhdəsində yetkinlik yaşına çatmayan, əlil övladı olan və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıq-dan məhrumetmə cəzasından azad ediləcəklər. Xüsusilə diqqətinizə çatdırmaq istərdim ki, amnistiya aktı Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş şəxsləri, həmçinin bu döyüşlərdə həlak olmuş və ya itkin düşmüş şəxslərin yaxın qohumlarını da əhatə edəcəkdir. Bundan başqa, islah işlərinə, ictimai işlərə və cərimə cəzalarına məhkum edilmiş şəxslərə də amnistiya şamil ediləcəkdir. Ümumilikdə 10 min məhkumun amnistiya aktının təsiri altına düşəcəyi, onlardan 3500-ə yaxın şəxsin isə cəzaçəkmə müəssisələrindən azad ediləcəyi gözlənilir. 
Hörmətli həmkarlar, hər bir cəmiyyətdə mərhəmət, in-sanpərvərlik və qayğı kimi hisslər əsas yer tutmalıdır. Harada ki həm dövlət qurumları, həm də vətəndaş cəmiy-yəti öz həyatını və fəaliyyətini məhz bu prinsiplər əsasında qurur,  o cəmiyyət inkişaf etmiş uğurlu bir cəmiyyət hesab edilir. Mərhəmət təkcə çətinliyə düşən insanlara yardım əlini uzatmaq deyil. Mərhəmət bəzən çətin və məsuliyyətli qərar qəbul etməyi də tələb edir. Bir dəfə səhv etmiş insanın bağışlanmaq hüququ var. Bu gün biz onlara yenidən cəmiyyətdə öz yerlərini tutmalarına, layiqli həyat yaşamalarına şans verməliyik. Əminəm ki, amnistiya aktı bir daha Azərbaycan dövlətinin gücünü nümayiş etdirəcəkdir. Ümidvaram, bu aktın şamil olunacağı şəxslər cəmiyyətimizin layiqli vətəndaşları olmaq şanslarından istifadə edəcəklər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Mehriban xanım. Əli müəllim, bu qərar layihəsi Sizin komitədə müzakirə olu-nub, rəy vermisiniz. Xahiş edirəm, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri. 
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli həmkarlar! Milli Məclisin deputatı, Heydər Əliyev Fondunun prezidenti hörmətli Mehriban xanım Əliyevanın qeyd etdiyi kimi, humanizm və mərhəmət prinsipləri nümayiş etdirilərək 28 May – Respublika günü münasibəti ilə am-nistiya elan edilməsi haqqında qərar layihəsi Milli Məclisə təqdim edilib. Bu qərar layihəsinə komitədə baxılıb. Xüsusi vurğulamaq istəyirəm ki, qanunvericilik texnikası baxımından dürüst olan bu sənəd amnistiya qərarlarının indiyədək mövcud təcrübəsinə əsaslanaraq mükəmməl hazırlanmışdır. 
Artıq ölkəmizdə amnistiya aktlarının məhz Heydər Əliyev Fondu tərəfindən hazırlanması və parlamentə təqdim edilməsi xalqımız və cəmiyyətimiz tərəfindən alqışlanan müsbət bir ənənəyə çevrilmişdir. Fondun bu amnistiya təşəbbüsləri ölkəmizdə cinayət-hüquq siyasəti-nin liberallaşdırılmasına, cinayətkarlığın profilaktikası baxımından  məhkumların sayının azaldılmasına gətirib çıxaran vacib amilə çevrilmişdir. Bu təşəbbüs həmçinin ölkəmizdə ictimai-siyasi sabitliyin qorunmasına da öz töhfəsini verir. 
Əvvəllər də söylədiyimiz kimi, uzun illərdir, cəza çəkən məhkumların sayına görə ölkəmiz əhalinin hər yüz min nəfərinə nisbətdə keçmiş sovet respublikalarını qabaqlamışdır və  Avropa ölkələri ilə bir sıradadır. İndi nəzərə alsaq ki, yeni amnistiya qərarından sonra, burada söyləndiyi kimi,  təxminən 10 min şəxsin müxtəlif for-mada azadlığa buraxılması gözlənilir və bu, məhkumların ümumi sayının təxminən üçdə biridir, deməli, ölkəmiz yuxarıda qeyd etdiyim müsbət göstəricini yenə də qoruyub saxlayacaqdır. 
Hörmətli Mehriban xanım amnistiya qərarının tətbiq dairəsi haqqında sizləri məlumatlandırdı. Ancaq əlavə onu qeyd etmək istəyirəm ki, bu qərar əvvəlki qərar ilə müqayisədə 1500 şəxsin tam azadlığa buraxılmasını da özündə ehtiva edir. Əgər əvvəlki amnistiya qərarında 2000  şəxs tam azadlığa çıxmışdısa, indi bu rəqəm 3500-dir. Gördüyünüz kimi, bu, kifayət qədər ciddi bir rəqəmdir. Bütövlükdə də amnistiya aktı 10 min nəfərə şamil olunur. Əvvəlki amnistiya ilə müqayisədə bu, 1000 nəfərdən çoxdur. Amma təbii ki, amnistiya qərarının ikinci hissəsi özündə bir sıra məhdudiyyətləri də ehtiva edir. Bu da təbiidir, çünki ağır və xüsusilə ağır cinayətlərə, ümumiyyətlə, amnistiya qərarları fəlsəfəsində yer verilmir. Cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi nəzərə alınmalıdır. Əks təqdirdə onun humanizm ideyası tətbiq oluna bilməz. Amnistiya qərarının üçüncü hissəsinə görə, bu qərar 2016-cı ilin iyunun 15-dən qüvvəyə minəcəkdir. Nəhayət, amnistiya qərarının dördüncü hissəsində amnistiyanın hansı orqanlar tərəfindən və hansı qaydada icra olunacağı dəqiq müəyyən edilmişdir. Qərarın ümumi icra müddəti 4 aydır. Amma əminliklə qeyd etmək istəyirəm ki, Azərbaycanın ədliyyə, məhkəmə və hüquq mühafizə orqanları bu qərarın daha tez icrasına nail olacaqlar. 
Hörmətli millət vəkilləri, şübhə yoxdur ki, Heydər Əli-yev Fondunun prezidenti, hörmətli millət vəkili Mehriban xanım Əliyevanın bu nəcib təşəbbüsü yenə də hamılıqla dəstəklənəcək, amnistiya qərarı qəbul olunacaq və cəzadan azad olunmuş minlərlə insan cəmiyyətə qovuşacaqdır. Burada söyləndi ki, insanlara şans verilir. Araşdırmalar onu göstərir ki, bu amnistiya aktları ilə azadlığa çıxan insanlar arasında yenidən cinayət törətmək meyilləri minimumdur. Bu onu göstərir ki, Heydər Əliyev Fondu bu sahədə, yəni insan hüquqlarının qorunmasında da qarşıya qoyduğu məqsədə nail olmuşdur. Məhz buna görə də əminliklə demək olar ki, Respublika günü münasibəti ilə elan edilən bu amnistiya vətəndaşlarımızın Azərbaycan dövlətinə sədaqət və qanunlara hörmət ruhunda formalaşmasına öz töhfəsini verəcək, insanların haqqa, ədalətə inamını daha da möhkəmləndirəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Qərar layihəsinin müzakirəsinə başlayırıq. Buyurun, xahiş edirəm, yazılın. Hörmətli deputatlar, bir məsələni sizinlə razılaşdırmaq istəyirəm. Etiraz eləmirsinizsə, reqlamenti     5 dəqiqə edək. Etiraz yoxdur? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Aydındır. Xanhüseyn Kazımlı, buyurun.
X.Kazımlı. Biz keçən iclasdan bu məsələ barədə məlumatlıyıq. Mən Azərbaycanın bütün bölgələrində olarkən insanların üzündə sevinc, ruh yüksəkliyi gördüm. Çünki  bütün o ləyaqətli insanlar, ailəsində sevinc hissi gözləyən insanlar bu cəmiyyətin, bu həyatın, bizim həyatımızın firavanlığı, işıqlı gələcəyi uğrunda düşüncələr ilə yaşayırlar. Ona görə də mən hesab edirəm ki, Heydər Əliyev Fondunun, Mehriban xanımın bu təşəbbüsü çox gözəl təşəbbüsdür. Ümumiyyətlə, Heydər Əliyev Fondunun bu təşəbbüsü, sizin də qeyd elədiyiniz kimi, hörmətli həmkarlarım, birinci dəfə deyil. Bu bir neçə dəfə olubdur. Ona görə də Heydər Əliyev Fondundan imdad gözləyən, bir dəfə səhv edərək bu səhvinin bağışlanması üçün xalqın rəhbərliyindən, Prezidentimizdən, hörmətli Mehriban xanımdan imdad gözləyən insanların üzlərində sevinc hiss edirəm. Ona görə, mən hesab edirəm, bu qərar tamamilə əhali tərəfindən, xalqımız tərəfindən tam dəstəklənən bir qərardır. 
Bizim Prezidentimiz bu ili multikulturalizm ili elan edibdir. Elə bizim keçmişimizə baxsaq, görərik ki, 1918-ci ildə 9 min kvadratkilometrlik İrəvan xanlığını Ermənistana bağışlamaq özü də multikulturalizm idi. Elə keçmiş əsrlərdə də Azərbaycan multikulturalizm ənənəsi ilə yaşayırdı. Mən hesab edirəm ki, o elə bu ənənə ilə də yaşayacaq və Azərbaycanın haqq səsi bütün dünyada qalib gələcək. Mən bu təklifi dəstəkləyirəm, diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Fərəc Quliyev.
F.Quliyev. Təşəkkür edirəm. Mən, təbii, hamı kimi bu sənədin qəbul olunmasını dəstəkləyirəm və hörmətli Mehriban xanıma da təşəkkürümü bildirirəm. Çünki bu gün amnistiya sənədinin parlament müzakirəsinə çıxarılması təkcə ölkə daxilindəki bir hadisə və cəmiyyətdə barışa söykənən, sabitliyə xidmət eləyən addım deyil, o həm də Azərbaycanın diplomatik sahədə ciddi imkanları, imici üçün də çox əhəmiyyətlidir. Xüsusən bu günlərdə Dağlıq Qarabağ ilə bağlı gedən danışıqlar, ATƏT-in Minsk qrupu üzvlərinin və başqa böyük ölkələrin Azərbaycan tərəfindən olan istəkləri, yaxud da düşmən dövlət tərəfindən danışıqlarda şərt kimi qoyulan, – əslində humanizm prinsipləri ilə bağlı olan, ancaq onlara  yad olan, – bir məsələnin qaldırılması vacibdir. 
Bu gün Azərbaycanın yenidən öz humanizm prinsip-lərini ortaya qoymaq istəyini nümayiş etdirməsi çox əhəmiyyətli məsələdir. Ermənistan parlamentində,  fikir mübadiləsi olan yerdə bir-birlərini güllələyirlərsə, bu yerdə humanizmdən, təbii ki, danışmaq mümkün deyil. Monoetnik bir ölkədə humanizmdən danışmaq mümkün deyil. Amma Azərbaycan kimi tolerant bir ölkədə, bütün mədəniyyətlərin bir yerdə toplaşdığı bir yerdə  bu gün humanizm prinsiplərinin əməldə bir daha nümayiş olunması çox əhəmiyyətli məsələdir. Xüsusən indiki mərhələdə – qarşıdan Azərbaycan Prezidenti ilə Ermənis-tan prezidentinin görüşü gözlənilən mərhələdə hər halda belə çağırışlar var. Əlbəttə, Azərbaycan Prezidenti öz arxasına xalqın ciddi dəstəyini, ordunun  aprel ayında olan uğurlarını götürüb. Hətta kənarda olan azərbaycanlıların ciddi dəstəyi  və diplomatik sahədəki uğurlarla bu məsələ gedir. 
Hesab edirəm ki, 3 məsələyə Azərbaycan parlamenti münasibət bildirməlidir. O 3 məsələdən biri də diplomatik sahədə uğurlar üçün məhz amnistiya məsələsi ilə bağlı olaraq bir yanaşma eləməkdir. Məsələn, mən burada xüsusi olaraq ona toxunmaq istəyirəm ki,  Dağlıq Qarabağda yaşayan erməni əsilli azərbaycanlıların bir qismi aldadılaraq, bir qismi isə Ermənistanın işğalçı ordusu tərəfindən zor ilə saxlanılır. Son zamanlar orada və Ermənistanın özündə  baş verən bəzi nümayişlərdə, piketlərdə, mətbuatda da hiss elədik, gördük ki, artıq ermənilərin özləri də xoşbəxtliklərini öz ölkələrində deyil, məhz Azərbaycanda, – mən Dağlıq Qarabağ ermənilərini, erməni əsilli azərbaycanlıları nəzərdə tuturam, –  görür və axtarırlar. Onlar Azərbaycanın tərkibində olmağı mühüm amil sayırlar. Biz müraciət edə bilərik ki, həm Dağlıq Qarabağda yaşayan erməni əsilli azərbaycanlılar, həm də köçüb getmiş və müəyyən qruplarda təmsil olunan ermənilər, erməni əsilli azərbaycanlılar oradakı vəziyyətlə bağlı, işğal ilə bağlı Azərbaycan hökumətinə kütləvi şəkildə müraciət eləsinlər, orada baş verən işğalı pisləsinlər.  
Azərbaycan hökuməti  öz mövqeyini indiyə qədər də bəyan eləyib. Yəni öz vətəndaşlarını lazım olan anda bağrına basmaq mövqeyini nümayiş etdirə bilər. Amnistiya elan edə bilər, təbii, kütləvi qırğında iştirak eləməyən, Xocalı qırğınında iştirak eləməyən,  amma zor ilə hərbi xidmətə aparılan, zorla orada yaşamağa, o rejimə xidmət eləməyə məcbur edilən  adamların əfv olunması ilə bağlı  addımlar ata bilər. 
Biz çağırış edə bilərik ki, o erməni əsilli azərbaycanlılar kütləvi şəkildə öz dövlətlərinin rəhbərliyinə, Azərbaycan dövlətinin rəhbərliyinə müraciət eləsinlər. Bu çox mühüm amildir və Azərbaycan parlamenti ikinci məsələ kimi bu tənzimləmə prosesləri ilə bağlı bir mövqe ortaya qoya bilər, çünki Kazan prinsipləri ilə bağlı müzakirələr, əsasən, danışıqlar predmetidir. Digər məsələlər artıq ATƏT-in ofisinə verilibdir. Bunlar artıq qəbul olunmayan, tərəqqi yoluna aparmayan məsələlərdir. Orada danışıqlardan əvvəl iki prinsip, əsasən, tənzimləmə prinsipi kimi nəzərdə tutulurdu. O tənzimləmə prinsiplərinə biz mütləq həmin iki əlavəni  eləməliyik. 
Birinci, tənzimləmənin əsas prinsiplərindən biri kimi Dağlıq Qarabağ və ətraf rayonlardan işğalçı qoşunların çıxarılması müddəti, dinc vasitələrlə sülhə çatmağın son müddəti göstərilməlidir. Yəni burada danışıqlar uzadıl-mamalıdır. 
İkinci, bu sənəddə Bakı və İrəvanın mübahisələrin həlli üçün güc tətbiqindən imtina məsələsi ki qoyulur, Azərbaycan tərəfi yalnız o halda güc tətbiqindən imtina edə bilər ki, Ermənistan tərəfi ordusunu Azərbaycan–Ermənistan sərhədindən çəksin. 
Üçüncü məsələ olaraq biz amnistiya məsələsini qoy-malıyıq. Bu üç məsələ ilə bağlı Azərbaycan parlamenti mövqeyini nümayiş etdirə bilər. Mən hesab edirəm ki, Mehriban xanımın təqdim elədiyi bu sənəd Azərbaycanın mövqelərini xeyli möhkəmlədəcək və bu, Azərbaycanın  gələcəkdə də humanist cəhətdən öz əhalisinə sahib çıxmasını nümayiş etdirən ciddi bir addım olacaq. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Mən birinci növbədə hesab edirəm ki, amnistiya qərarı cümhuriyyət irsinə, respublika quruluşuna, istiqlalımıza olan hörməti özündə ehtiva edir. Bu çox önəmlidir, çünki ilk dəfə qazandığımız müstəqilliyə hörmətli Mehriban xanımın rəhbərlik elədiyi fond tərəfindən bir neçə dəfədir ki, bu münasibət göstərilir. Bu, varislik ənənəsidir,  dövlətdə ardıcıllıq ənənəsidir. 
İkincisi, bu böyük təşəbbüslə bir Azərbaycan xanımı çıxış edir. Bu çox vacib bir məsələdir. Azərbaycan qadı-nının nəcib, xeyirxah, mərhəmətli obrazının formalaş-masında bu çox önəmlidir. Bəli, Azərbaycanda birinci xanım institutu müstəqillik illərinə qədər, təbii ki, bəlli səbəblərdən ola bilməzdi. Ondan sonrakı illərdə nəinki birinci xanım, heç prezidentlik institutunun özü formalaşa bilməmişdi. Ulu öndərin Zərifə xanımı daha erkən itirməsi səbəbi ilə biz yalnız cənab Prezident İlham Əliyevin idarəçiliyi dövründə bu institutun real məzmun daşıdığını gördük. Gerçəkdən də Mehriban xanım Prezidenti tamamlayan bir fəaliyyətin müəllifinə çevrildi və bu tədbirin mahiyyəti kifayət qədər yüksək, xoş olduğundan deməliyəm ki, dünyada prezidentlər çoxdur, onların həyat yoldaşları da var, amma birinci xanım olmaq doğrudan da millətin məhəbbəti ilə qazanılır. Təbii ki, bu qərar cənab Prezidentlə məsləhətləşdirilib, bu, eyni zamanda, dövlətin adından verilən bir qərardır. Bu mənada ulu öndərin siyasi dövlətçilik irsini cənab Prezident uğurla davam etdirirsə, bu nəcibliyi, humanizmi də hörmətli Mehriban xanım davam etdirir. Dövlət əfv edir, bağışlayır, şans verir, yenidən cəmiyyətə qayıdışa imkanlar yaradır, bu adamların üzərinə məsuliyyət qoyur. Bu gün bu qərarı gözləyən,  o dəmir barmaqlıqlar arxasında bəzən bir dəqiqəsini bir gün, bir ay kimi yaşayan insanlar düşünürlər ki, dövlət  zorla cəzalandırma ilə deyil, mənəvi mexanizmlə onu ailəsinə göndərir, cəmiyyətə göndərir və ona şans, imkan verir ki, bir daha belə bir əməl etməsin. Mən düşünürəm ki, bun-dan təkcə qərarın əhatə dairəsinə düşən insanlara deyil, hamıya pay düşür. Biz özümüz də bağışlamağı bacarma-lıyıq. Siyasi partiyalar da, ictimai təşkilatlar da, hamı bacarmalıdır. Cəmiyyətdə humanizm duyğusu hamı üçün hakim olmalıdır. 
Mən Mehriban xanımın birinci amnistiya qərarı  ilə bağlı çıxışını xatırlayıram. Əgər təhrif eləsəm, üzürlü sayılsın. Biz bəzən bəşəriyyətin səsinə qulaq veririk, am-ma qonşunun səsini eşitmirik. Biz qələmə sarılıb dövlət adına müxtəlif müraciətlər edirik ki, bunu əfv edin, bağışlayın. Amma, ümumiyyətlə, aydınlaşdırmalıyıq ki, bu cinayət niyə baş verir. 1990-cı illərdə etnik, milli separatizm, başqa məsələlərə görə ayrı-ayrı adamlar cinayətə yuvarlanırdılar. İndi onun səbəbi nədir? Ailə mühitində baş verənlər, təhsil sistemində baş verənlər. Elə olmalıdır ki, kimsə o cinayətləri törətməsin. Ona görə də düşünürəm ki, bu qərar hamı üçün barış mühitini gücləndirmiş olacaq və bizə imkan verəcək ki, qonşumuzu eşidək, öz eqoizmimizdən, qisasçılıq hissimizdən kənarda duraq. Əlbəttə, biz bu qərara səs vermək üçün toplaşmışıq. Amma gələcək amnistiya qərarlarında bir məsələni nəzərə almağınızı istəyirəm. 
Hörmətli Mehriban xanım, bilirsiniz ki, biz müstəqillik dövründə evlənməklə bağlı 144-cü maddədə “qız qaçır-ma” məsələsini “adam oğurluğu”na bərabər bir cinayətə çevirdik. Mən, əlbəttə, başa düşürəm,   hər kəsdən soruşurlar ki, sənin öz övladına qarşı bu iş görülsə, nə edərdin, o adam da əlini-qolunu  yanına sallayaraq çıxıb gedir ki, doğrudan da, ağır məsələdir. Amma bu vəziy-yətdə problem həll olunmur axı. Nəinki ailə həyatını o cür qurmaq istəyən, o cümlədən ona kömək eləyən adamlar da 10–12 il cəzaya layiq görülürlər. Mən, əlbəttə, anlayıram ki, biz nəhayət, daha sivil normalara, ailə həyatı quruculuğunun daha normal yollarına qədəm qoymalıyıq. Amma bu məsələdə bir dəfə kütləvi olaraq əfvlə o insanlara şans verməliyik, təbii ki, dövlət, eyni zamanda, bəyan edər ki, bunlar bir daha  təkrarlanmamalıdır. Bizim hər birimiz bu qərara səs verəcəyik. Təşəkkür edirəm, sağ olun.  
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov.Çox sağ olun, Ziyafət müəllim, təşəkkür edirəm. Hörmətli həmkarlar, humanizm bizim qanunlarımızın əsas prinsiplərindəndir. Amma amnistiya akt-larında humanizm prinsipi o qədər qabarıq şəkildə təzahür edir ki, sanki amnistiya aktı özü bütövlükdə  humanizmdən yoğrulub. Bu baxımdan bu gün müzakirəyə çıxarılan qərar layihəsi də istisna təşkil etmir. Hüquqi baxımdan səlis, qanunvericilik texnikasına riayət edilməklə, habelə amnistiya aktlarının təcrübəsinə əsaslanaraq hazırlanmış bir qərar layihəsidir. Böyük ictimai təhlükə törətməyən cinayətlər edən şəxslərin, ictimai işlərə, islah işlərinə məhkum olunmuş şəxslərin, habelə cərimə cəzasına məhkum olunmuş şəxslərin, böyük ictimai təhlükə törətməyən cinayətlərin müəyyən bir qisminin, habelə ehtiyatsızlıq üzündən törədilən cinayətlərin böyük bir hissəsinin amnistiyanın təsiri altına düşməsini bu layihənin əsas xarakterik cəhəti kimi vurğulamaq istəyirəm. Bununla yanaşı, təxminən 10 min nəfərin bu qərarın təsiri altına düşməsi və bunların da 3500 nəfərinin azadlığa buraxılması, mən düşünürəm ki, təqdirəlayiq bir haldır. Əvvəlki amnistiya aktları ilə müqayisədə bunun əhatə dairəsinin daha da geniş olduğu görsənir. Bundan başqa bu layihənin başqa bir cəhətinə də diqqəti cəlb etmək istəyirəm, çünki amnistiyanın təsiri altına düşən maddələrin böyük bir hissəsinin sanksiyasında cərimə cəzası nəzərdə tutulub ki, cərimə cəzasına məhkum olunmuş şəxslərin amnistiyanın təsiri altına düşməsini dövlətin bu məhkumların ailəsinə, onların maddi durumuna humanist addımı kimi qiymətləndirsək, daha düzgün olardı. 

 

 

Mən bir məsələni xüsusilə vurğulamaq istəyirəm, bəzən amnistiya aktları ilə bağlı çox delitant fikirlərə də rast gəlmək mümkündür. Bəzi insanlar elə düşünürlər ki, amnistiyanı daha geniş məhkum dairəsinə tətbiq etmək olar, amma təcrübədə ağır və xüsusilə ağır cinayətlərin amnistiyanın təsiri altına düşməsi halları mövcud deyil. Ümumiyyətlə, amnistiya aktının tətbiq olunması azadlıq-dan məhrumetmə yerlərindən məhkumların kütləvi şəkildə buraxılması demək deyil. Bu, yanlış bir mövqe olar. Humanizm nə qədər insanpərvər prinsip olsa belə, onun ifratlaşdırılması baş verər ki, bu da son nəticədə ən azından cəmiyyətin maraqları ilə üst-üstə düşməz. Amnistiya aktının tətbiqi nəticəsində əldə olunan nəticələr cinayətkarlığa qarşı mübarizə ilə bağlı ümumdövlət maraqları, zərərçəkənlərin mənafeləri, habelə digər ümumdövlət maraqları ilə uzlaşmalıdır. Habelə amnistiyanın tətbiq olunması ədalət mühakiməsinin məqsədlərinə də zidd olmamalıdır. 
Bu baxımdan amnistiya aktı kütləvi şəkildə məh-kumların buraxılması deyil,  islah olunma yoluna qədəm qoymuş və gələcəkdə yeni cinayətin törədilməsinə gedə bilməyəcək insanların bağışlanmasıdır. Bu baxımdan düşünürəm ki, amnistiya aktları təcrübəsində bu amnistiya aktının xüsusi bir yeri olacaq. Çox böyük insan kütləsinə tətbiq olunması baxımından təqdirəlayiqdir və mən bu layihəyə səs verəcəyəm. Hörmətli həmkarlarımı da səs verməyə dəvət edirəm. Çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Hörmətli həmkarlar, mən bu təşəbbüsə bir balaca başqa aspektdən qiymət ver-məyin tərəfdarıyam. Uzun illərdir ki, Ədliyyə Nazirliyinin nəzdində yaradılmış penitensiar sahəyə ictimai nəzarəti həyata keçirən ictimai komitənin üzvüyəm və  üçüncü ildir ki, bu komitənin koordinatoruyam. Biz tez-tez cəzaçəkmə müəssisələrində oluruq,  məhkumlarla görüşürük. Eyni zamanda, müəssisənin  əməkdaşları ilə də görüşürük. Onların da problemləri ilə maraqlanırıq, təkliflər veririk. Amma son vaxtlar bizdə çox böyük narahatlıq var idi və bu fikri bu yaxınlarda da demişdim ki, ilk dəfədir, Azərbaycanın cəzaçəkmə müəssisələrində 24  min məhkum var və bu olduqca çoxdur. Bu narahatçılıq təkcə məhkumların çoxluğu ilə bağlı deyildi, həm də cəzaçəkmə müəssisəsini idarə etmək, ona nəzarət etmək sahəsində də böyük problemlər yaradırdı. Ona görə də bu amnistiya aktının hörmətli Mehriban xanım tərəfindən bizə təqdimi olduqca vaxtında qəbul olunmuş bir qərardır. Belə hesab edirəm ki, bu akt təkcə azadlığa çıxan 3500 məhkumun deyil, – yəni baxmayaraq ki, 10 minə yaxın insanı əhatə edəcək, cəzaçəkmə müəssisələrindən birbaşa 3500 adam azad olunacaq, –  həm də yerdə qalan məhkumların da sevincinə səbəb olacaq, ona görə ki, bu sıxlıq problemi, onların sosial problemlərinin böyük hissəsi öz həllini tapacaq. Bu baxımdan da belə hesab edirəm ki,  layihə olduqca dəyərlidir. 
Başqa bir məsələni qeyd etmək istərdim. Qeyd olunur ki, bu, 10 minə yaxın şəxsə şamil olunacaq, amma bu, 10 min deyil, hər bir nəfərin qohumu, ailə üzvü, ətrafında olan insanlar, dostları, yaşadığı bölgədəki, kənddəki insanlar var. Mən hesab edirəm ki, bu artıq yüz minlərlə insanın sevincinə səbəb olan bir təklifdir və biz bunu müzakirə edirik. 
Nəhayət, məsələyə üçüncü aspektdən baxmaq istə-yirəm. Biz hesablama aparmışdıq, il ərzində Azərbaycan-dakı məhkumların saxlanmasına nə qədər dövlət vəsaiti ayrılır. 24 min məhkum üçün ildə 80 milyondan artıq vəsait ayrılırdı, hər bir məhkumun yemək və yaşaması üçün gündəlik 10 manatdan hesablasaq, bu, 80 milyondan artıq vəsait edirdi. Təbii ki, indiki iqtisadi vəziyyətdə, hər bir manatın qədri bilinən vəziyyətdə buna həm də iqtisadi tərəfdən baxmağın tərəfdarıyam. Mən elə iclas gedə-gedə hesablama apardım, 3,5 min məhkum üçün təxminən 12 milyon vəsaitə qənaət olunacaq. Cənab Prezident də həmişə deyir və biz də əminik ki, qənaət olunmuş vəsait bizim əhalimizin sosial problemlərinin həllinə yönələn sosial layihələrə xərclənəcək. 
Sonda bir şeyi qeyd etmək istəyirəm. Bu təklifdən dərhal sonra bizim bir görüşümüz oldu.  BMT-nin Özbaşına Həbslər üzrə İşçi qrupu Azərbaycanda idi. Biz çoxsaylı hüquqşünaslarla, hüquq müdafiəçiləri ilə görüş-dük, öz sözlərimizi dedik. Yeri gəlmişkən, qeyd edim ki, biz onlara dedik, Azərbaycanda cəmi iki məhkumla görüşə bilmirik, onlar da Dağlıq Qarabağda qeyri-qanuni girov götürülmüş Şahbaz və Dilqəmdir. Başqa bizim heç bir problemimiz yoxdur. Eyni zamanda, ölkədə problemlərin   dialoqla həllinə, masa arxasında oturub müzakirələrlə həllinə çalışan, dövlət və milli maraqları fəaliyyətlərində həmişə üstün tutan hüquq müdafiəçiləri məndən xahiş etdilər ki, onların adından Mehriban xanıma təşəkkürlərimi çatdırım və təbii, hüquq müdafiəçiləri üçün bir bayram olacaq ki, çoxsayda insan azadlığa çıxacaq. Hamı kimi mən də bu gözəl layihəni dəstəkləyirəm, ona səs verirəm və bir daha fürsətdən istifadə edib, mən də hüquq müdafiəçisi olduğuma görə, Mehriban xanıma təşəkkür edirəm, çox sağ olun. 
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli həmkarlar, mən də ilk növbədə bu gözəl təşəbbüsə görə hörmətli Mehriban xanıma öz təşəkkürümü, minnətdarlığımı bildi-rirəm. Ümumiyyətlə, Heydər Əliyev Fondu yaradıldığı gündən onun əsas prinsiplərində humanizm ideyası da-yanır. Biz hamımız şahidiyik ki, amnistiya aktlarından başqa, ümumiyyətlə, Heydər Əliyev Fonduna çoxsaylı insanlar üz tutur və bu fond nə qədər uşağın,  insanın müalicəsi ilə məşğul olur. Hər il ürək çatışmazlığından əziyyət çəkən yüzlərlə uşağın cərrahiyyə əməliyyatlarının həyata keçirilməsini Heydər Əliyev Fondu öz üzərinə götürüb, habelə xaricdə təhsil alan tələbələrimizin problemləri ilə də məşğul olur. Azərbaycan mədəniyyətinin dünyada tanıdılması ilə əlaqədar ayrı-ayrı dövlətlərdə mədəniyyət günləri keçirir. Zəlzələdən, daşqınlardan əziyyət çəkən ayrı-ayrı ölkələrdə, məsələn, Pakistanda Heydər Əliyev Fondu tərəfindən məktəblər tikilir və təqdim olunur. 
Bugünkü amnistiya aktı da Heydər Əliyev Fondunun və onun rəhbəri hörmətli Mehriban xanımın o ideyalara sadiqliyinin bariz nümunəsidir. Bu belə də olmalıdır, çünki müraciətin özündə də göstərilir ki, o addımın atılması məhz Respublika gününə təsadüf edir. Xüsusilə qeyd olunur ki,  Azərbaycan öz müstəqilliyini bərpa etməmişdən öncə Azərbaycan Demokratik Cümhuriyyə-tinin bütün atributları ümummilli liderin hələ Naxçıvanda olduğu dövrdə ortaya çıxarılmışdı, Azərbaycanın üçrəngli bayrağı ilk dəfə Naxçıvan Muxtar Respublikasında  qaldırılmışdı və digər məsələlər də  ümummilli liderin təşəbbüsü ilə həyata keçirilmişdi. 
Mən qeyd etmək istərdim ki, Azərbaycan  1991-ci ilin 18 oktyabrında müstəqillik əldə etməsinə baxmayaraq, amnistiya aktlarının həyata keçirilməsi məhz ümummilli liderin hakimiyyətə qayıdışından sonra baş verdi. Məhz 7 amnistiya aktına ümummilli liderin prezidentliyi dövründə qərar verilmiş və bu qərarlar Milli Məclis tərəfdən qəbul olunmuşdu. Ona qədər isə ümummilli lider, ümumiyyətlə, humanist addımlar ataraq ölüm hökmünə monitorinq qoymuş, sonradan isə Azərbaycanda ölüm hökmünü  ləğv etmişdi. Ondan öncə hakimiyyətə gələnlərin bir il hakimiyyətdə olmalarına baxmayaraq, 7 nəfərin güllələnməsinə sərəncam verilmişdi və həmin dövrdə bir dəfə də olsun amnistiya akti qəbul olunmamışdı. 
Burada Rafael müəllim qeyd elədi, ağır cinayət törədənlərlə bağlı, mənim xatirimdədir, həmin dövrdə qatı residivistləri cəbhə bölgəsinə göndərmək adı altında həbsxanadan azad eləyib Bakıda, Azərbaycanın başqa-başqa şəhərlərində bəd əməllərini davam etdirməkdən ötrü heç bir hüquqi əsası olmadan və hüquqi akta söykənmədən şəhərin küçələrinə buraxmışdılar. O baxımdan amnistiya aktinin mahiyyətinə və xüsusilə Mehriban xanım tərəfindən irəli sürülən amnistiya aktına baxanda görürsən ki, bu akt nəinki Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmiş insanlara, o cümlədən beynəlmiləl borcunu yerinə yetirmiş insanlara, Əfqanıstan müharibəsi veteranlarına, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak edən insanlara, Ermənistandan deportasiya olunan insanlara,  Xocalı soyqırımında ailə üzvlərini itirmiş insanlara, 20 Yanvar hadisələrində iştirakı olan insanlara, habelə öz doğma yurd-yuvalarından didərgin düşmüş insanların hər birinə  şamil olunur. 
Biz bu  humanist addımların əhatə dairəsinin geniş-liyinə nəzər salanda görürük ki, doğrudan da, çox vacib və zəruri olan bir addımdır. Qeyd edim ki, mən bir hesablama apardım, təxminən ümummilli lider hakimiyyətə gəldiyi dövrdən bu tərəfə, – son amnistiya aktını da ora daxil etsək, – bu, 110 min insana şamil olunub. Məhz hörmətli Mehriban xanımın təşəbbüsü ilə irəli sürülən amnistiya aktları nəticəsində bu, 40 min insana şamil olunub. Ona görə mən də bu addımı dəstəkləyirəm, deputat həmkarlarımı da dəstəkləməyə çağırıram. Hamının ürəyindən olan bir işdir. Hesab edirəm ki, bu məsələyə hamı razıdır. Hörmətli Ziyafət müəllim, biz bu məsələni tez yekunlaşdırsaq, ədliyyə orqanları da onun həyata keçirilməsi ilə daha tez məşğul ola bilərlər. Təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Mən də ilk öncə həm öz adımdan, həm də seçicilərim adından hörmətli Mehriban xanıma təşəkkür edirəm ki, cümhuriyyət bayramı öncəsi belə bir layihə ilə parlamentə müraciət edib. Cənab Prezident və Mehriban xanım başda olmaqla bütün xalqımızı qarşıdan gələn bu əziz, müqəddəs bayramımız münasibəti ilə təbrik eləmək istəyirəm. Mehriban xanım ölkəmizi bütün dünyada ən yüksək səviyyədə təqdim etməklə bərabər, mədəniy-yətimizin, həqiqətlərimizin, eyni zamanda, cəmiyyətimiz-dəki humanizmin, xeyirxahlığın, mərhəmət və anlayış duyğularının da geniş yayılması istiqamətində çox böyük işlər görür. Çünki bir cəmiyyət, bir toplum ancaq hu-manizm, xeyirxahlıq və mərhəmət anlayışının geniş yayıldığı şəraitdə daha da inkişaf edə bilər və bugünkü layihənin Mehriban xanım tərəfindən təqdimatı da məhz buna xidmət edir. Burada, bu, sadəcə, 10 min insana şamil olunmur, bu  insanların ailə üzvlərini, yaxınlarını nəzərə alsaq, nə qədər böyük bir kütləyə xitab edildiyini görə bilərik. Mehriban xanım artıq neçənci dəfədir, bu layihələri təqdim etməklə həmin insanlarla bərabər cəmiyyətimizə də çox önəmli mesaj verir və hər bir insanın bu mesajları çox doğru şəkildə oxuması gərəkdir. 
Birinci verilən mesaj Mehriban xanımın özünün söylədiyi kimi, o insanlara verilir ki, ilk dəfə xəta etdikləri üçün bağışlanacaqlar, həmin səhvi və xətanı artıq bir daha təkrar etməyəcəklər və cəmiyyətə yüksək şəkildə uyğunlaşaraq həyatlarına davam edəcəklər. Görünən odur ki, indiyə qədər Mehriban xanımın verdiyi üç amnistiya layihəsi çərçivəsində azadlığa çıxanlarla bağlı statistika göstərir ki, doğrudan da, o insanların əksəriyyəti mesajı çox yüksək səviyyədə qəbul ediblər və təkrarən həbsxanalara düşmürlər, xətalar, səhvlər də təkrarlanmır. 
İkinci bir önəmli mesaj verir ki, həbsxana və cəzaçəkmə müəssisələrində ilk dəfə xəta törədən ağır və xüsusi ağır cinayətlər törətməmiş insanlara  bu cür aksiyalar,  layihələr və amnistiyanın tətbiqi bəzən uzun müddət həbsxanalarda qalmaqdan daha yaxşı yardım edə bilir,  onlara mesaj verilir və o insanların əksəriyyəti xilas oluna bilir. Eyni zamanda, bu, cəmiyyət üçün, ailələr üçün verilən mesajdır. Mən Mehriban xanıma xüsusilə qadınlarla bağlı təşəkkür etmək istəyirəm. Bəzən  həbsxanalardan azad olunan qadınlara yanaşmada fərqli münasibət görürük və biz onlara çağırış edirik ki, əgər bu insanların xətaları bağışlanırsa, insanlarımız da onları bağışlamağı bacarmalı və onlara şans verməlidirlər ki, yenidən o insanlar öz ailələrində, cəmiyyətdə qəbul edilsinlər. 
Yeniyetmələr üçün də təşəkkür edirəm, çünki  ilk dəfə xəta törədən yeniyetmələrimizin həbsxanalarda uzun müddət qalması bəlkə çox ciddi effekt verməzdi, amma bu cür yanaşma ilə onlara yenidən şans verilir ki, cəmiy-yətimizin  yüksək səviyyəli vətəndaşları olaraq həm öz ailələrində və həm də fəaliyyətlərində  işlərini davam etdirə bilsinlər. 
Eyni zamanda, bu amnistiya layihəsinin Qarabağ müharibəsi iştirakçılarına, onların yaxınlarına, şəhid ailə-lərinə, onların yaxınlarına  tətbiqi ilə bağlı təşəkkür edirik. Bunun özü də böyük bir mesajdır ki, Mehriban xanımın aprel ayında şəhid ailələrimizlə görüşəndə söylədiyi fikir və etdiyi çıxışlarla verdiyi mesajın davamı bu layihədə öz əksini tapır. Cümhuriyyət bayramı öncəsi verilən bu mesaj, əslində, cəmiyyət üçün önəmli bir mesajdır. Dövlətçilik anlayışına münasibətin bir daha təzahürüdür ki, ortaya çıxır. Mehriban xanıma bir daha təşəkkür edirik, çünki bu bizim seçicilərimizin, hamımızın, buradakı millət vəkillərimizin ailələrində də çox gözəl bir bayram olacaq. Cəmiyyətimizdə barış üçün, humanizm, xeyirxahlıq və anlayış dəyərlərinin artması üçün də gözəl bir addımdır. Təbrik edirəm, bütün cəmiyyətimiz bunu dəstəkləyir və inanırıq ki, bu aksiya, bu addım çox müsbət töhfələrini bu dəfə də verəcək. 
Sədrlik edən. Sağ olun. Fəzail İbrahimli.
F.İbrahimli. Çox sağ olun, Ziyafət müəllim. Təkcə millət vəkillərinin deyil, bütövlükdə cəmiyyətin diqqətini çəkən bu təşəbbüs öz əhəmiyyətinə və əhatə dairəsinə görə o qədər böyük əhəmiyyət kəsb edir ki, hər hansı bir düşüncə ilə bunun əhəmiyyətini izah etmək çətindir. Bu,  siyasi, tərbiyəvi, mənəvi tərəfləri özündə birləşdirən bir qərar layihəsidir. Bu amnistiya aktı 28 May – Respublika günü münasibəti ilə verilir. Bu amnistiya aktı özlərini vətən yolunda qurban vermiş və müstəqil Azərbaycanın torpağını qorumaq üçün qanlarını tökmüş şəhidlərimizin ruhuna bir töhfədir, Azərbaycanı insan hüquqları müstəvisində ittiham edənlərə bir cavabdır. 
Bu amnistiya aktı 10 min insana şamil edilsə də, 10 min insanın əhatə dairəsini yuvarlaşdırsaq, görün, bu qərar layihəsindən sonra nə qədər ananın bu gün sifətində təbəssüm yaranacaq, qəlbindəki o ağrılar yoxa çıxacaq. Nə qədər qadın öz ailəsinə qovuşacaq, nə qədər uşaq  xoşbəxt olacaq. Bütün bunların hamısını bir yerə yekunlaşdırsaq, deyə bilərik ki, bu, Azərbaycan xalqının ürəyindən olan çox humanist bir addımdır. Burada Mehriban xanım tərəfindən çox düzgün ifadə olundu ki,  doğrudan, Heydər Əliyev Fondu son ümid qapısıdır, çünki seçildiyim dövrdə mənə olan müraciətlərin bir 50 faizində xahiş olunur ki, məni Mehriban xanımla görüşdürün. Yəni o ümid qapısını ifadə edən bu fikri  mən də ona görə irəli sürdüm ki, bu, doğrudan da, belədir. 
Mehriban xanım, atdığınız bu addımlar minlərlə insanın ruhuna, mənəviyyatına, ailəsinə təsir edən addımlardır. Biz nə arzu edək? Tanrıdan arzu edək ki, atdığınız bu addımların əvəzini tanrı Sizin övladlarınıza versin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.

 

B.Əliyev. Hörmətli sədarət, hörmətli deputatlar! Bu gün Azərbaycan çox böyük addımlarla irəliləyir və dü-nyada müxtəlif böhranlarla müşayiət olunan qlobal proseslərə baxmayaraq, istər hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğunda, istərsə də iqtisadi islahatlar sahəsində bütün dünyaya  nümunə ola biləcək bir döv-lətdir. Heç şübhəsiz ki, vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycan ön sıralardan birini tutur, ölkəmizdə insan haqları yüksək səviyyədə qorunur, söz və vicdan azadlığı yüksək səviyyədə təmin edilir. Dövlətin hər bir vətəndaşa çox böyük diqqət və qayğısı var. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bütün çıxışlarında və imzaladığı fərman və sərəncamlarda bir məsələni xüsusilə qeyd edir ki, bütün bu işlər Azərbaycan vətəndaşının layiq olduğu yüksək həyat səviyyəsini təmin etməyə yönəlibdir. Eyni zamanda, harada olmasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının hüquqları qorunur və hesab edirəm ki, bu gün bizim müzakirəmizə təqdim edilmiş amnistiya haqqında qərar layihəsi də bu siyasətin məntiqi bir davamıdır. 

 

Əlbəttə, burada həm vətəndaş həmrəyliyinə, həm də hər bir vətəndaşda  məsuliyyət hissinə müraciət var, çünki amnistiya ilk növbədə insanların törətdikləri əməldən müəyyən bir nəticə çıxartmasını, yalnız cəmiyyət üçün faydalı ola biləcək, cəmiyyətə xidmət edəcək əməllərə yönəlməsini və təşviq etməsini nəzərdə tutur. Əlbəttə,  eyni zamanda, amnistiya böyük bir humanizm aktıdır. Bu, Heydər Əliyev ənənələrinin yaşadılması deməkdir. Vaxtilə xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Azərbaycanı müstəqil bir dövlət kimi məhv olmaqdan xilas edən ulu öndər möhkəm, güclü, müstəqil Azərbaycan dövləti qurdu və bu ənənələrin də əsasını qoydu. Vaxtilə fərarilik, gənclərin ordudan yayınması, bunlar hamısı var idi. Əfv fərmanları ilə, amnistiya aktları ilə  hamısı bağışlanaraq azadlığa buraxıldıqdan sonra bu gün bir dənə də olsun ordudan yayınma halı yoxdur. Əksinə, hər bir azərbaycanlı gənc bu gün orduda xidməti özü üçün böyük şərəf hesab edir. Bu, Azərbaycan dövlətinin yürütdüyü çox müdrik siyasətin nəticəsidir ki, bu gün Azərbaycanda vətəndaşlıq mövqeyi daha da möhkəmlənibdir. Bu özü artıq onu göstərir ki, Azərbaycanda vətəndaş cəmiyyəti olduqca möhkəm əsaslara söykənir. Çox hörmətli Mehriban xanım Əliyeva öz nitqində və Milli Məclisə müraciətində bu amnistiya aktını kifayət qədər məntiqi şəkildə və hüquqi cəhətdən əsaslandırdı. Hesab edirəm ki, biz bu amnistiya aktı haqqında qərarı qəbul etməklə Azərbaycanda vətəndaş cəmiyyətinin daha da möhkəmlənməsinə, hüquqi dövlət quruculuğuna və vətəndaş həmrəyliyinə öz töhfəmizi verəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əslində, mən Sizinlə tamamilə razıyam, çünki bu elə bir humanist qərardır ki, burada ikili fikir ola bilməz. Bir nəfərimiz də qalıb, qoy 10 nəfər olsun. Musa müəllimə də söz verək, yekunlaşdıraq. Etiraz etmirsiniz? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, Musa müəllim. 
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Xalqımızın müsəlman dünyasında ilk demok-ratik respublikasını yaratdığı gün, 28 May – Respublika günü münasibətilə amnistiya elan edilməsi haqqında millət vəkili, Heydər Əliyev Fondunun prezidenti iştirak etdiyi bütün beynəlxalq tədbirlərdə millətimizin başını daim uca edən çox hörmətli Mehriban xanım Əliyevanın Milli Məclisə göndərdiyi müraciəti müdafiə edirəm və qərar layihəsinin lehinə səs verəcəyəm. Humanizmi hər bir azərbaycanlıya və azərbaycanlı ailəsinə diqqət və qayğının ifadəsi olan bu müraciət seçicilərimiz tərəfindən rəğbətlə qarşılanır. Amnistiya elan edilməsi təkcə təqribən 10 min məhkumun deyil, onların ailə üzvləri, qohum-əqrəbaları da nəzərə alınsa, 10 minlərlə Azərbaycan vətəndaşının üzünü güldürəcək. Cinayət törədərək həbsə atılmış şəxslərin özlərinin təqsiri üzündən söndürülmüş ocaqları Mehriban xanım Əliyevanın mərhəməti sayəsində yenidən yandırılacaq, evlərinin soyuq divarları isinəcək, övladlarının yolunu gözləyən ata-anaların, ata-ana üzünə həsrət qalan övladların, həyat yoldaşını gözləyən qadınların üzü güləcək. 
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Amnistiyaya düşən şəxslərin azad cəmiyyətimizdə öz yerlərini tutmaları kimi xoş bir niyyət güdən bu böyük humanist addımı düzgün qiymətləndirəcəklərinə, ibrət dərsi alacaqlarına və dövlətimizin qanunlarını bir daha pozmayacaqlarına ümid edirəm. Bir də hesab edirəm ki, bu amnistiya aktı dövlətimizin beynəlxalq mövqelərini daha da gücləndirəcək, insan hüquqları sahəsində ölkəmizə, dövlətimizə böhtan atanlara tutarlı bir cavab olacaq. Diqqətinizə görə təşəkkür edirəm, sağ olun. 
Sədrlik edən. Sağ olun, Musa müəllim, təşəkkür edirəm. Burada, doğrudan da, çox gözəl çıxışlar edildi, bu aktın mahiyyəti haqqında çox düzgün fikirlər söylənildi və təsadüfi deyil ki, bizim Konstitusiyamızın 12-ci mad-dəsində göstərilir ki, Azərbaycan dövlətinin əsas məqsədi, mahiyyəti, fəlsəfəsi insanın hüquq və azadlıqlarını təmin etməkdən ibarətdir və bizim dövlət başçılarımız da, o cümlədən Heydər Əliyev Fondu və onun rəhbəri möhtərəm Mehriban xanım da bu prinsipi həmışə əldə rəhbər tutublar. Bu, ümumilikdə on birinci amnistiya aktıdır, Mehriban xanımın təşəbbüsü ilə isə artıq dördüncü amnistiya aktıdır. Biz əminik ki, bu amnistiya aktının təsiri altına düşən və azadlığa çıxan hər bir Azərbaycan vətəndaşı, hər bir məhkum bundan düzgün nəticə çıxaracaq, öz həyatını düzgün quracaq və dövlətin onlara bu humanist münasibətindən bəhrələnəcəkdir. Bir daha hamınıza təşəkkür edirəm. İndi isə gəlin, qərar layihəsini səsə qoyaq, ona münasibət bildirək. Buyurun, xahiş edirəm, səs verin.

 

 

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. Sizin hamınızın adından Mehriban xanımı bir daha təbrik edirik və bu gözəl növbəti humanist addımına görə ona can sağlığı, işlərində uğurlar arzulayırıq! Sağ olun, Mehriban xanım! (Alqışlar.)

 

 

 


EDİLMƏMİŞ ÇIXIŞLARIN MƏTNLƏRİ

 

 

20 may 2016-cı il
______________________________________________

 

 

Sahibə Qafarova. Hörmətli millət vəkilləri! Bildiyimiz kimi, çox hörmətli həmkarımız Mehriban xanım Əliyevanın irəli sürdüyü bu təşəbbüs çox mühüm və əlamətdar bir hadisə ilə bağlıdır. 28 may Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür, respublika günüdür. Əminliklə söyləyə bilərik ki, 88 il bundan əvvəl əsası qoyulan Azərbaycan Demokratik Cümhuriyyətinin sükanı bu gün çox əmin əllərdədir. Müstəqil Azərbaycan iqtisadi cəhətdən inkişaf edən, siyasi sabitliyin, demokratik dəyər və normaların tam təmin olunduğu, beynəlxalq aləmdə ciddi söz sahibinə çevrilmiş qüdrətli dövlətdir. Bu dövləti hazırkı uğurlara aparan yolun əsasını isə xalqımızın ümummilli lideri Heydər Əliyev qoyub. Ulu öndərin ideya və siyasətini uğurla həyata keçirən möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan dövləti özünün yüksək inkişafla xarakterizə olunan, bu gün regionun ən güclü dövləti kimi çıxış edən Azərbaycanda demokratik təsisatların inkişafı, insan hüquq və azadlıqlarının ən yüksək səviyyədə qorunması yolunda da çox ciddi islahatlar həyata keçirməkdədir.
Qeyd etmək lazımdır ki, vaxtilə ulu öndər Heydər Əliyevin həyata keçirdiyi dövlət siyasətinin mahiyyətini hu-manist siyasət özündə əks etdirirdi. Məhz Heydər Əliyevin humanizminin nəticəsi olaraq ölkəmizdə ölüm hökmü artıq aradan qaldırılıb və Azərbaycanın adı Şərqdə ilk olaraq bu cəzanı ləğv edən ölkə kimi tarixə düşüb. Ümummilli lider tərəfindən əsası qoyulan Azərbaycan dövlətinin humanizm siyasəti qayğıya ehtiyacı olan insanlara, məcburi köçkün ailələrinə, əlillərə, veteranlara, aztəminatlı ailələrə hərtərəfli köməyin göstərilməsini, bir sıra hallarda onlara xüsusi imkanların yaradılmasını, dövlətin öz vətəndaşlarına həssaslıqla yanaşmasını ehtiva edir. Digər tərəfdən bu təşəbbüsün məhz Heydər Əliyev Fondunun prezidenti, YUNESKO-nun və İSESKO-nun xöşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülməsi heç də təsadüfi deyil. Çünki humanizm və insanpərvərlik Heydər Əliyev Fondunun başlıca məramlarındandır. Əlbəttə, bu artıq Mehriban xanım Əliyevanın amnistiya aktının qəbul olunması ilə bağlı dördüncü təşəbbüsüdür və bu günə qədər icra olunan digər üç amnistiya qərarı on minlərlə ailəyə sevinc bəxş edib, minlərlə insan öz azadlığına qovuşaraq yenidən cəmiyyətə inteqrasiya olunmaq üçün şans əldə edibdir.
Bu gün müzakirəyə çıxarılmış növbəti amnistiya qərarı da bu humanist əməllərin məntiqi davamıdır. Belə bir təşəbbüsün Heydər Əliyev Fondu tərəfindən irəli sürülməsi də qanunauyğundur və fondun yarandığı gündən bu günədək fəaliyyətinin hansı meyar və dəyərlərə söykəndiyinin növbəti isbatıdır. Amnistiya aktını dövlətin humanizm siyasətinə, vətəndaş-dövlət münasibətlərinə təsir göstərən vacib amil də hesab edə bilərik. Bu kimi təşəbbüslər vətəndaşları dövlətin onlara olan etibarının qarşılığında layiqli vətəndaş olmağa həvəsləndirir. Eyni zamanda, dövlətin humanist siyasətini xalq yüksək qiymətləndirir və bu da əhalinin ölkə rəhbərliyinə olan etimadını daha da artırır. Nəticədə cəmiyyətdə qarşılıqlı hörmət və rəğbət, habelə qanunçuluq prinsiplərinə söykənən vətəndaş-dövlət münasibətləri formalaşır. Ona görə də, hesab edirəm ki, bu təşəbbüs Azərbaycan dövlətinin demokratik inkişafı yolunda çox əhəmiyyətli bir hadisə olmaqla yanaşı, həm də tarixi bir qərar olacaq.
Mən sonda bir daha Heydər Əliyev Fondunun prezi-denti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən təşəbbüsü yüksək qiymətləndirir və seçicilərimiz, xalqımız adından ona təşəkkürümü bildirirəm.
Aqiyə Naxçıvanlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hörmətli millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın amnistiya təşəbbüsü ilə Milli Məclisə müraciəti ümum-milli liderimiz Heydər Əliyevin humanizm və insan-pərvərlik siyasətinin davamıdır. Ulu öndər daim hu-manizm məfkurəsindən çıxış edərək mərhəmət və insan-pərvərlik kimi ən ali keyfiyyətləri əldə rəhbər tuturdu. Onun mərhəmət, nəciblik və yüksək humanizmə əsaslanan saf ideyalarının ictimai şüurda möhkəmlənməsinə çalışan, xalqımızın gələcəyi naminə bir sıra strateji əhəmiyyətli layihələri inamla həyata keçirən fond fəaliyyəti ilə insanların ümid yerinə çevrilib.
Məhz 28 May – Respublika günü ərəfəsində Azərbay-canda 10 min şəxsin amnistiya aktının təsiri altına düş-məsi, onlardan 3500-ə yaxın məhkumun azadlıqdan məhrumetmə yerlərindən azad edilməsi minlərlə ailəyə sevinc, xoşbəxtlik bəxş edəcəkdir.
Mehriban xanım tərəfindən reallaşacaq bu humanist addım artıq dördüncü dəfədir ki, 10 minlərlə ananın kədərli göz yaşlarını sevinc göz yaşları ilə əvəz edəcək, neçə həyat yoldaşının və uşaqların sevincinə səbəb olacaq. Bu əlamətdar bayram ərəfəsində minlərlə ailənin çırağı yanacaq. İnsanlar bu amnistiya sayəsində ailələrinə dönəcək, uşaqlarının qayğısını çəkəcək və minlərlə qəlbə sevinc, fərəh dolacaq. Əlbəttə ki, bu amnistiya aktına düşənlərin sıralarında qadınların da olması bizim ha-mımızın ürəyincədir. Azərbaycan qadınının, Azərbaycan anasının yeri onun ailəsi, valideynlərinin, həyat yoldaşının və uşaqlarının yanındadır. Əminəm ki, həmin qadınlar da törətdikləri əməllərdən peşman olacaq və həyatlarının bundan sonrakı dönəmində bir daha səhvə yol vermədən onlara verilən bu insanlıq dərsindən nəticə çıxaracaqlar. Azad olunmuş hər bir insana yenidən ailəsinin, cəmiyyətin, dövlətin etibarını qazanmaq şansı veriləcəkdir. Önəmli olan odur ki, azadlığa çıxacaq hər bir şəxs işləyəcək, ailəsinin qayğısını çəkəcək, bununla da ailənin iqtisadi-sosial məsələləri həll olunacaqdır. 
Mehriban xanımın təşəbbüsünü, insanpərvərliyini, mərhəmətini, hər bir insana qayğısını Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvləri adından alqışlayır və ona minnətdarlığımızı bildiririk. Hesab edirik ki, bu humanist addım insanların həyatında çox böyük mənəvi-əxlaqi əhəmiyyətə malik olacaqdır. Bu qərar layihəsini tam dəstəkləyirik. Diqqətinizə görə təşəkkür edirəm.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi