2016-ci il 24 iyun tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
NÖVBƏDƏNKƏNAR
IV SESSİYASI İCLASININ

PROTOKOLU № 22

Milli Məclisin iclas salonu.
24 iyun 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 99
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Zahid Oruc, Siyavuş Novruzov, Cavid Qurbanov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

 

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Sahib Alıyev
Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Çingiz Qənizadə, Siyavuş Novruzov

 

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

MİLLİ MƏCLİSİN İCLASI

24  iyun  2016-cı  il. Saat 12.

 

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri 
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.09 dəq.)
İştirak edir 99
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik. 
Hörmətli millət vəkilləri, bugünkü gündəlikdə 9 məsələ nəzərdə tutulmuşdur. Son 3 məsələ, 7, 8 və 9-cu məsələlər – Ali Məhkəmənin təqdim etdiyi qanun layihələri qanunvericilik təşəbbüsünün subyekti tərəfindən geri götürülüb. Bu, tam paket deyil, bir-iki qanun da olacaq. O müzakirələri artıq oktyabr ayında keçirəcəyik. Ona görə də gündəlikdə 6 məsələ qalır. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)

Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, gündəlik təsdiq edildi. 
Müzakirə eləməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Onda keçirik gündəliyə. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Buyursun Ziyad Səmədzadə. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Vergi Məcəlləsinə təqdim edilən dəyişiklik ölkəyə xarici turistləri cəlb etmək və onlar tərəfindən ölkə ərazisində mal və məhsulların alışını təşkil etmək məqsədi daşıyır. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikası ərazisində alınmış istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallara görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması sisteminin təsdiqi, tətbiqi əmtəə dövriyyəsinin artması ilə nəticələnməlidir. Geri qaytarılmış əlavə dəyər vergisi məbləğinin isə ticarətdə iqtisadi aktivliyin artması fonunda əldə ediləcək mənfəətdən tutulan vergi hesabına kompensasiya edilməsi nəzərdə tutulur. Qanun layihəsinə 15.1.15-2-ci maddənin və 194.1-ci maddəyə ikinci cümlənin əlavə edilməsi nəzərdə tutulur. Bu müddəa aksizli mallar üzərində vergi nəzarətinin gücləndirilməsi, aksiz vergisi tutulan mallara aksiz markalarının tətbiqi qaydalarının, habelə aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydalarının təkmilləşdirilməsi məqsədini daşıyır. Bunlar, həqiqətən, çox vacib dəyişikliklər olduğu üçün millət vəkillərindən xahiş edərdim ki, qanun layihəsinə səs versinlər. 
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən, sözsüz ki, Ziyad müəllimin dedikləri ilə razılaşıram, doğrudan da, mütərəqqi və müsbət dəyişikliklərdir. Mən də səs verəcəyəm. 
Amma cari məsələlər olmadığına görə, çox vacib bir məsələyə, istərdim, qısa, bir neçə cümlə ilə münasibət bildirim. Siz bilirsiniz ki, bu Mariya Zaxarova bizim hörmətli Novruz müəllimin açıqlamasına cavab olaraq bəyan eləyib ki, Novruz Məmmədovun verdiyi açıqlama, – onun öz sözü ilə deyirəm, –“недобросовестный”. Nov-ruz müəllimin şərhini “извращенная интерпретация” adlandırıb. Ruslarda bir gözəl ifadə var, “дурная женщина”. Amma mən bu qadının rəsmi statusunu nəzərə alıb bu ifadəni ona aid eləmirəm. Amma görünür, o özünün kimliyini, hansı rəsmi postu tutduğunu yadından çıxarıb. Əslində, onun bu əsəbi reaksiyası bir daha sübut edir ki, elə Novruz Məmmədov həqiqəti söyləyib. Aparılan danışıqlar ermənipərəst qüvvələri ciddi şəkildə narahat edir. Danışıqların bu formada aparılması və orada müzakirə olunan məsələlər onu məcbur edir ki, bu reaksiyanı versin. Əks halda Qaregin Njdeyə, – bilirsiniz ki, o faşist olub və əlində silah sovet vətəndaşlarının qətlində birbaşa iştirak edib, – abidə qoyulanda Zaxarovaya sual verdilər, o da cavabında dedi ki, Ermənistanın belə iş görməsi, sadəcə olaraq, bizi təəccübləndirdi. Fərqə baxın. Bu onu göstərir ki, o özü ermənipərəst bir adamdır. Düşünürəm ki, bizim Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti də ona başa düşdüyü formada, layiq olduğu səviyyədə cavab verməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mən müzakirə olunan qanun layihəsinə səs verəcəyəm. Əslində, biz Avropa ölkələrində olarkən dərəcəmizdən, statusumuzdan asılı olmayaraq nə isə alırıq, yəni alıcıyıq və beyinlərimizdə qərarlaşmış bu “Tax Free” ifadəsi daha çox iqtisadi terminə çevrilib, Azərbaycan da bu sistemə qoşulmuş olur.  Ancaq biz bu sənədi məhz Britaniya Av-ropa Birliyindən çıxdığını referendum vasitəsi ilə hüquqi cəhətdən rəsmiləşdirmiş olduğu bir vaxtda səsverməyə çıxarırıq. Bu kampaniyanın gedişində siyasi aksiyaya məğlub olan Devid Kemeron da istefa verməyə məcbur oldu. Bu o deməkdir ki, Avropa Birliyinin gələcəyi müəyyən qədər sual altına düşür. Təbii ki, iqtisadi bazarlar bu məsələyə çox həssas reaksiya veriblər. Funt-sterlinq dərhal 1.45-dən 1.33-ə düşdü, avro da dollar qarşısında öz mövqeyini itirməyə başladı. Avropa ölkələrində olarkən hamımız şahidi olmuşuq ki, bu “Tax Free” sistemi çox da sabit sistem deyil. Yəni onlar özlərinin iqtisadi maraqlarından asılı olaraq o vergi dərəcələrini elə şəkildə qoyurlar ki, təbii, alanlar daha çox itirirlər. Biz Avropa vətəndaşı olmadığımıza görə guya o vergiləri onlara qaytarırıq. Amma əvəzində elə peşəkar sistem qurublar ki, o halda da onlar qazanırlar. Çünki son məntəqəyə, yəni hava limanına gəlib çatanda hesablaşma mərhələsində görəcəksiniz ki, o faiz dərəcələri dəyişir. 
Mən hesab edirəm, biz də iqtisadi bazarı bu cür həssas qurmalıyıq. Avropa Birliyinin gələcəyi bütövlükdə sual altındadır demirəm, yəqin ki, əsas lokomotivlər bu birliyi nəyin bahasına olursa-olsun qoruyub saxlamağa çalışacaqlar. Fransada da, digər ölkələrdə də Britaniyanın Avropa Birliyindən çıxmasına bəraət kampaniyasının tərəfdarları çoxdur, avro-skeptiklər çoxdur. Onlar istəyirlər ki, bunu müstəqil bir hərəkata çevirsinlər. Bundan sonra biz miqrasiya ilə bağlı qanunvericiliyə də yenidən baxacağıq. Mən hesab edirəm, Avropa öz sərhədlərini Britaniyanın timsalında təzədən müəyyənləşdirir. O, birliklərdən ayrılır və öz iqtisadi maraqlarını daha çox önə qoyur. Çünki Britaniya dəfələrlə bəyan edib ki, Brüssel bürokratiyasını yeniləməkdən yorulub. Onlar indi istəyirlər ki, öz pullarını özlərinə saxlasınlar. Təbii ki, biz buna səs verəcəyik, amma Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi və digər iqtisadi qurumları bu məsələdə çox həssas bazar konyunkturalarını nəzərə almalıdırlar. Yəni biz indi avropalıların həddən artıq qayğısına qalıb, onlar vergi dərəcələrini qaytarsınlar deyə, belə bir düşüncədə bulunmalı deyilik. Çox sağ olun.
Sədrlik edən. Ay mənim əzizim, Zahid müəllim. Avropa İttifaqı kimdir? Avropa İttifaqında neçə ölkə var? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Neçə ölkədə bu qanun faktiki işləyir? 130 ölkədə. Azərbaycan olur 131-ci ölkə. Məgər Avropa İttifaqı yox idi, “Tax Free” yox idi? Bunun bir-birinə nə dəxli var?
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Sən danışdın, sənə qulaq asdıq. Başa salıram, başa düş. Bu “Tax Free”nin mənası odur ki, Azərbaycanda ticarət dövriyyəsi artacaq, bir, turizm inkişaf edəcək, iki, bunlar dünya standartlarına uyğun düşünülüb. Burada nə var ki, bunu biz Avropa İttifaqı ilə bağlayaq, İngiltərə ilə bağlayaq? 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Qulaq as, əsəbi reaksiya vermə. Danışdın, səssiz otur. Mən demişdim ki, imkan verməyəcəyəm danışmağa, sözünü kəsmədim. Sən mövzudan danış, gündəlikdən danış. Hər dəfə bir şey çıxarırsan, bəsdir.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Qulaq as, özünü qabiliyyətli apar. 
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Danışdın, səni də başa saldıq. Başa düşmürsən, öz işindir.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən.  Sən həddini aşmısan, özünü aparmağı, doğrudan da, bacarmırsan. Sənə qulaq asdıq, mən də sözümü dedim. Yerindən danışma.
Yerdən. (Eşidilmir.) 
Sədrlik edən. Yazdırmağa da qoymayacağam səni. Sənin özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm. Çox səviyyəsiz. Siyavuş Novruzov. 
S.Novruzov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən mövzuya keçmədən demək istəyirəm ki, biz burada, Milli Məclisdə neçə illərdir çalışırıq. Hər kəs çıxış elədi. Söz verildi, deyildi, yekunlaşdı. Hər bir çıxışa reaksiya da ola bilər, münasibət də ola bilər. Burada qızışmalı nə var ki? Mən hesab edirəm, cənab Sədr istənilən məsələyə müdaxilə etmək hüququna malikdir. Burada gərək etika qaydalarına riayət edək. Azərbaycanda böyük-kiçik var, adət-ənənə var. Biz vaxtilə bu Məclisdə nə vəziyyətlər olub, görmüşük. Biz bu gün də ondakı səviyyəyə qayıt-malıyıq. Fikrini bildirdin, qurtardı getdi. Fikrinə qulaq asdılar. Kim istəyir qulaq asır, kim istəyir, reaksiya verir, kim istəyir, vermir. Hər kəsin fikri doqma deyil ki, hamı desin, elə bu düzdür. Hərənin özünün qəlbində, ürəyində fikirləri var, sözləri var. O baxımdan da bu məsələlərə, hesab edirəm ki, düzgün yanaşmalıyıq. Bir-birimizə hörmət ilə yanaşmalıyıq. Söz verildi, mikrofon bağlandı, bitdi bu məsələ. İndi hər kəs durub danışsa, bizim Məclisimiz hansı vəziyyətə gəlib çıxar? Ona görə, hesab edirəm, biz gələcəkdə bu məsələləri nəzərə almalıyıq. 
İkinci bir tərəfdən, doğrudan da, bu çox vacib və zəruri olan bir qanundur. İnkişaf etmiş ölkələrdə bu qanun tətbiq olunur. Həm iqtisadi cəhətdən, həm ticari cəhətdən, həm də turizm cəhətdən belə qanunlar tətbiq olunur. Biz, əslində, sevinməliyik ki, belə qanun tətbiq olunur. Əlavə turistlərin və ya tək cənubi Qafqazın deyil, başqa-başqa Avropa dövlətlərinin də ticari dövriyyəyə cəlb olunması burada ticari dövriyyənin artmasına müəyyən qədər səbəb olacaqsa, biz buna getməliyik. İndi   açıq  cəmiyyətdir.  Hansı ölkə hansı qərarı qəbul edir,  bu onun öz qərarıdır. 
Cənab Sədr qeyd elədi burada, biz 131-ci ölkə oluruq. Kanadada da görmüşəm ki, belə bir fakt var. Başqa-başqa Avropa dövlətlərində də görmüşəm. Onlar geridə qalmış və ya hansısa iqtisadi problemləri olan dövlətlər deyil, əksinə, dünyanın inkişaf etmiş dövlətləridir. 
Əslində, mən təklif etmək istəyirdim. Keçmişdə Türkiyədə bir variant var idi, təklif olunmuşdu ki, adi vətəndaşlar da əgər ticari dövriyyədə iştirak edirlərsə, alış-veriş edirlərsə, vergi sisteminin düzgün tətbiq olunmasını yoxlamaq üçün öz çeklərini gətirib işlədikləri idarəyə təqdim etsinlər və orada aldıqları məhsulun bir neçə faizini geri alsınlar. Bununla dövlət həmin ticari məhsulun dövriyyəsini düzgün yoxlaya bilər. Gələcəkdə bu addımları biz də ata bilərik. Buna da gedə bilərik. Ona görə də mən deputat həmkarlarımdan xahiş edirəm, səs verək, bu  məsələni qəbul edək. Çünki çox vacib qanun-dur. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Cavid Qurbanov. Xahiş edirəm, qısa danışın.
C.Qurbanov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də hesab edirəm ki, bir az səbirli olmaq, bu məsələlərə bax-maq lazımdır. Amma ölkə haradan başlayır? Ölkə sərhəddən başlayır və sərhəddəki qanunların hamısının iqtisadiyyatın inkişafına işləməsi çox vacib şərtlərdən biridir. Bu da o qanunlardan biri və birincisidir. Bu yaxınlarda qəbul edilmiş qərarlar, viza sisteminin asanlaşması, gömrük sistemində şəffaflığın tam təmin olunması və bu sistemlərdən biri kimi “Tax Free” sisteminin tətbiq olunması çox vacib şərtlərdən biridir. Bizim ölkəmizin neftsiz inkişafı üçün əsas cəlbedicilik bu iqtisadi formadır. Bu da lazımdır. Vergilər Nazirliyinin birinci müavini burada iştirak edir, mən də bundan istifadə edib xahiş eləmək istəyirdim ki, bu əlavə dəyər vergisinə bir də baxsınlar. Çünki bunların tətbiqi məsələsinə baxmaq lazımdır. Hər şeyə eyni formada əlavə dəyər vergisi tətbiq eləmək olmaz. 
Burada bəzi məsələlər var. Millət vəkilləri kimi səlahiyyətlərimiz var, bizə qanun icazə verir, hərdən biz çox danışırıq. Danışanda gərək sözlərimizə sərhəd qoyaq. Mən heç kimin danışığında səhv tutmaq istəmirəm, Oqtay müəllim. Amma keçən dəfə bu İran ilə əlaqədar məsələdə mənim bəzi həmkarlarım, çox istədiyim insanlar düzgün danışmadılar. Danışanda başqa ölkələrin daxili işlərinə qarışmaq istəyirlər. Kim qəbul elədi, necə qəbul elədi, harada qəbul elədi, hər bir ölkənin öz forması var, özünün istədiyi var. Bəli, biz öz narazılığımızı bildirə bilərik ki, filankəsin filankəs ilə oturub-durmağı bizim xoşumuza gəlmir. Amma biz onlara diktə edə bilmərik ki, sən bunu etməlisən, bunu etməməlisən. İranla əlaqədar məsələdə, Oqtay müəllim, mən demək istəyirəm ki, biz tez-tez gedib-gəlirik. İlk dəfə olaraq indi İran ilə ən yaxın münasibətlərimiz var. Biz İranla iqtisadiyyatımızı qurmaq istəyirik. İranla əlaqədar olaraq Azərbaycanın üzərindən keçən yüklərin iqtisadi dəyərlərini hesablasaq, bu, milyonlar, milyardlardır. Əgər biz bunları başa düşə-düşə hər dəfə bu ocağa neft atmaq istəyiriksə, bu lazım deyil. 
Cənab Prezidentin İrana səfərində ilk dəfə idi ki, İran ilə Azərbaycan arasında 12 sənəd imzalandı. Bu sənədlər ilk dəfə idi ki, Azərbaycanın Xudafərin ətrafındakı torpaqlarının işğal olunduğunu təsdiq etdilər. Bundan böyük nailiyyət lazım deyil. İlk dəfədir ki, bizə imkan verirlər, biz gedirik, yollarımızı tikməyə, əlaqələrimizi qurmağa başlamışıq. İstəyirəm ki, səs verib qanunu qəbul edək. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.26 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

 

Qəbul edildi, sağ olun. 
Növbəti 2-ci və 3-cü məsələlər bir paketdə gəlib. Azər-baycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişik-lik edilməsi haqqında qanun layihəsi və Azərbaycan Res-publikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.  
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar, Miqrasiya Məcəlləsinin 17-ci maddəsi əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respubli-kasından getməsinin müvəqqəti məhdudlaşdırılmasını özündə ehtiva edir və burada bütün bu hallar sadalanır. Eyni zamanda, diqqətinizə çatdırmaq istəyirəm ki, cənab Prezidentin müvafiq 2016-cı il 21 may tarixli fərmanı ilə “Giriş-çıxış və qeydiyyat”, idarələrarası avtomatlaşdırıl-mış məlumat-axtarış sistemi haqqında əsasnamədə də bir düzəliş edilmişdir. Bu düzəlişin mənasına görə inzibati xəta törədildikdə bu barədə məlumat dərhal həmin “Giriş- çıxış və qeydiyyat” sisteminə ötürülməlidir. Məhz bu fərmandan irəli gələn tələbi icra etmək məqsədi ilə 17-ci maddədə göstərilir ki, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər inzibati xəta törədiblərsə, inzibati tənbeh tədbirləri icra edilənədək onların Azərbaycandan çıxması müvəqqəti məhdudlaşdırıla bilər. Əslində, bu çox əhəmiyyətli məsələdir. Əcnəbilərin gəlişi, gedişi, bilirsiniz ki, bu məsələlər milli təhlükəsizliyin təmin olunması ilə bağlıdır və millət vəkillərindən bu məsələyə səs vermələrini xahiş edirəm. 
Üçüncü məsələ isə İnzibati Xətalar Məcəlləsinin 499-cu maddəsinin yeni redaksiyada verilməsidir. Belə ki, bu maddədə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmaması, yaxud həmin əraziyə qaytarılmamasına görə məsuliyyət nəzərdə tutulub. Bu, Azərbaycan vətəndaşlarına aiddir. Amma təklif olunan mətndə həm dispozisiya, həm də sanksiya olduğu kimi qalır, amma dispozisiyaya olunan əlavə ondan ibarətdir ki, bu, əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə də aid edilir. Yəni həmin şəxslər də malların və ya nəqliyyat vasitələrinin dəyərinin yetmiş faizindən yüz faizinədək məbləğdə cərimə edilir və ya inzibati qaydada Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılır. İndiyə qədər bu ancaq Azərbaycan vətəndaşlarına aid idi,  indi əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə də aid edilir. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, gündəliyin ikinci məsələsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, üçüncü məsələyə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.30 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. 
Gündəliyin 4-cü məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyursun Əli Hüseynli.  
Ə.Hüseynli. Cənab Sədr, hörmətli millət vəkilləri! Bilirik ki, ölkəmizdə qiymətli kağızlar bazarı durmadan inkişafdadır. Hazırda investisiya qiymətli kağızların sə-nədsiz forması mövcuddur. Təklif olunan dəyişiklik kiçikdir, amma əhəmiyyətlidir. Belə təklif olunur ki, investisiya qiymətli kağızlar həm sənədsiz, yəni elektron formada, həm də sənədli şəkildə buraxılsın. Hesab edirəm ki, bugünkü iqtisadiyyatımız üçün bu, əhəmiyyətli bir məsələdir və millət vəkillərindən səs vermələrini xahiş edirəm. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.31 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. 
Beşinci məsələ “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Əli Hüseynli. 
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” Qanunun 14-cü maddəsi vətəndaşlığa qəbulu özündə ehtiva edir. Mövcud variantda əcnəbinin və ya vətəndaşlığı olmayan şəxsin Azərbaycanda daimi yaşama müddəti ona qanun-vericiliklə müəyyən edilmiş qaydada daimi yaşamaq üçün icazə verildiyi gündən hesablanır. Təklif olunan variantda həmçinin “və ya qaçqın statusu verildiyi andan” hesablanır. Qeyd etmək istəyirəm ki, bu bizim həm də beynəlxalq öhdəçiliyimizdir. Bilirsiniz ki, biz qaçqınların statusu ilə bağlı bütün konvensiyalara qoşulmuşuq və beləliklə, əcnəbiyə qalma müddəti indiyə qədər bir halda, yəni ona daimi yaşayış üçün icazə verildiyi gündən hesablanırdı. İndi isə qaçqın statusu alarsa, müddət qaçqın statusu aldığı gündən hesablanacaq. Hesab edirəm ki, bu, kifayət qədər mükəmməl və insan hüquqlarının  qorunmasına xidmət eləyən bir təklifdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Məncə də, bu düzəliş həm təkmilləşdirmə, həm beynəlxalq reallığı nəzərə almaq, həm də konvensiyalara əməl etmək baxımından doğru bir addımdır, səs verəcəyəm. Sadəcə, burada, 14-cü maddənin üçüncü abzasında belə gedib: “Azərbaycan Respublikasının ərazisində daimi yaşama müddəti o halda fasiləsiz hesab edilir ki, şəxs il ərzində Azərbaycan Respublikasının ərazisini üç aydan çox olmayan müddətə tərk etmiş olsun”. Məncə, burada qanunvericilik texnikası baxımından kiçik texniki dəyişiklik olsa, daha düzgün olar. Yəni “üç aydan çox tərk etməmiş olsun”la əvəz olunsa, daha dəqiq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.34 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

 

Çox sağ olun, qəbul edildi. 
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında, xahiş edirəm, Əli müəllim, məlumat verəsiniz.
Ə. Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişikliklər cənab Prezidentin 2015-ci il 18 mart tarixli 1114 nömrəli sərəncamının tətbiqi ilə əlaqədardır. Onun üzərində qısaca dayanmaq istəyirəm. Belə ki, ümumi isti-fadədə olan ölkə əhəmiyyətli avtomobil yollarının qorun-ması məqsədi ilə cənab Prezident belə bir sərəncam im-zalamışdır. Sərəncamda göstərilir ki, ümumi istifadədə olan ölkə əhəmiyyətli yollar bir çox hallarda dağılır və ya deformasiyaya məruz qalır. Məhz bu cür halların qarşısının alınması məqsədi ilə inzibati xətalar haqqında elektron protokolun tərtib olunması ilə bağlı qərara alınır ki, Nəqliyyat Nazirliyinin tabeliyindəki “Azəryolservis”  Açıq Səhmdar Cəmiyyəti və Daxili İşlər Nazirliyinin Baş Dövlət  Yol Polisi İdarəsi ilə birlikdə bir sıra tədbirlər görülsün. Amma, eyni zamanda, həmin sərəncamın 2.2-ci maddəsində qeyd olunur ki, iri qabaritli və ağır  çəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş inzibati xətalar haqqında elektron protokolun tərtib olunması  məsələsi ilə bağlı qanun layihəsi hazırlanıb parlamentə təqdim olunsun. Yeni layihə cənab Prezidentin sərəncamının 2.2-ci maddəsinin tələblərindən irəli gəlir və artıq bu dəyişikliklərin üzərində geniş dayanmaq istəmirəm. Məqsəd ümumi istifadədə olan ölkə əhəmiyyətli yolların qorunmasına xidmət etməkdir. O cümlədən bu layihə imkan verəcək ki, xüsusi texniki vasitələr quraşdırılsın, müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun əməkdaşı tərəfindən çəki və kütlə parametrləri ölçülsün və məlumatlar elektron formada mərkəzi informasiya sisteminə ötürülmüş olsun. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Çingiz Qənizadə. 
Ç.Qənizadə. Təşəkkür edirəm, Oqtay müəllim. Təbii ki, bu layihə bizim komitədən keçib. Siz bəzən bizə irad tutursunuz ki, komitədən keçən məsələlərə münasibət bildirməyək. Amma İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklər olduqca  prinsipial əhəmiyyətlidir və bütün ölkə əhalisini maraqlandırır. Ona görə də, istərdim, bir-iki kəlmə deyim. Xatırlayırıqsa, elə bu parlamentdə mənim həmkarlarım tərəfindən dəfələrlə məsələ qaldırılırdı ki, o vaxtkı Azəryol, indiki Azəravtoyol  yolları çəkir, lakin digər qurumlar tərəfindən nəzarət olunmur və yollar dağılır. Qaydada nəzərdə tutulan normadan artıq yükün götürülməsi ilə bağlı oxa düşən kütləyə görə yarım ildən, bir ildən sonra çəkilmiş yollar darmadağın olurdu. Cənab Prezident bu qədər infrastrukturun inşası üçün pul ayırır, yollar çəkilir. Amma o vaxtkı Nəqliyyat Nazirliyinin tabeliyində olan başqa bir qurum tərəfindən, demək olar ki, yollara nəzarət olunmurdu. Hətta mən burada dedim ki, hamının gözü qarşısında pul alırlar, buraxırlar. MMC-85 adlı bir qurum var idi, o qurum haqqında biz kifayət qədər danışdıq və nəhayət, o qurum ləğv olundu, müəyyən nəzarət funksiyası artırıldı. Biz Milli Məclisdə qanunlar qəbul etdik ki, həm sürücülərə, həm də hüquqi şəxslərə inzibati qaydada cərimələr tətbiq edilsin. Amma bu gün gördük ki, doğrudan da, məqsədə kifayət qədər çatılmayıb. 
Cənab Prezidentin 2016-cı il 18 mart tarixli 1114 saylı sərəncamı məhz bu prosesin başa çatdırılmasına xidmət edir. Mən belə hesab edirəm ki, bu gün qəbul etdiyimiz İnzibati Xətalar Məcəlləsinin 127-1.2-ci maddəsinə və digər maddələrə edilmiş əlavə və dəyişikliklər olduqca vacibdir. Mən əmin olmaq istəyirəm ki, bu tətbiq edildik-dən sonra bizim gözəl yollarımızın üzərində ciddi nəzarət bir daha artırılacaq, artıq elektron qaydada bu yükün çəkisi, qabariti və sair hesablanaraq cərimələr tətbiq ediləcək. 
Burada maraqlı məqamlardan biri də budur ki, İnzibati Xətalar Məcəlləsinin 97.2-1-ci maddəsinə görə göstərilən tələblər pozulduğu halda nəqliyyat vasitəsi nəzarət məntəqəsinə gətirilir və onun orada saxlanması üçün haqq ödənildikdən sonra saxlanılmış nəqliyyat vasitəsi sahibinə qaytarılır. Mən hesab edirəm ki, bu yükü dolduran vəzifəli şəxslər, subyektlər və eyni zamanda, fərdi şəxslər, sürücülər artıq çox məsuliyyətli olacaqlar. Hər halda mən elə hesab edirəm ki, bu, məqsədə çatmaq üçün olan vasitələrdən biridir və hamı qanun layihəsinə səs vermək istəyir. Çünki biz istəyirik, çəkilən yollarda özümüz, balalarımız, yaxınlarımız rahat və təhlükəsiz səfərlər edə bilsinlər. Sağ olun.     
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov. 
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Bu, doğrudan da, vacib olan layihədir və uzun müddətdir, parlamentdə müzakirə olunur. Mən düşünürəm ki, o yükdaşımalarla bağlı müəyyən məsələləri bizi əhatə eləyən dövlətlərlə də uyğunlaşdırmalıyıq. Tutaq ki, İrandır, Türkiyədir, Rusiyadır, Gürcüstandır, bu ölkələrin hər birində çəki vahidi müəyyənləşəndə çox böyük problemlər yaranır. 
Mənim xatirimdədir, Biləsuvarda Naxçıvana gedən avtomobilləri saxlayırdılar və yüklərinin yarısını boşaldırdılar. Çünki Azərbaycan daxilində yükün çəkisi bir çürdür, xarici ölkəyə keçəndə yükün çəkisi başqa cür olur və nəticə etibarilə də problemlər ortaya çıxır. Mən hesab edirəm ki, bu cərimələr təkcə Azərbaycan vətəndaşlarına tətbiq olunmamalıdır, həmçinin xarici vətəndaşlara da tətbiq olunmalıdır. Biz görürük ki, xaricdən gələn, tonlarla yük vurulmuş maşınlar nəticə etibarilə yolların sıradan çıxmasına gətirib çıxarır. Lap bu yaxınlarda Ağsu aşırımında baş verən uçqunlara görə nəhayət, oradan yük maşınlarının getməsinə qadağa qoyulub. Hesab edirəm, bu ölçü vaxtında götürülməli idi ki, dövlətin yollara qoyduğu vəsait çölə tullanmasın, yerində qalsın, insanlar da o yoldan sərbəst şəkildə istifadə edə bilsinlər. 
Ümumiyyətlə, hər yolun özünün xüsusiyyəti və anlayışı olmalıdır. Bu, dünya təcrübəsində də belədir. Bu baxımdan buna ciddi şəkildə nəzarət olunmalıdr. Əgər biz buna ciddi şəkildə nəzarət etməsək, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər etməyimizin  heç bir səmərəsi olmayacaq. Hesab edirəm, bu cür cərimələrin sayı artırılmalı və cəza tədbirləri də çox ciddi olmalıdır. Təşəkkür edirəm. 
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

 

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 

Hörmətli millət vəkilləri, iyun ayının 15-nə kimi bizdə iş dövrüdür. Bu gün növbədənkənar sessiyanın son iclasıdır. 
Mən istəməzdim ki, iclasımız belə notlarla bitsin. Amma Ağacan müəllim, mən xahiş edirəm, Milli Məclisdə davranış qaydalarına riayət eləmədiyinə görə, Zahid Orucu komissiyaya dəvət eləyəsiniz və araşdırma aparasınız. 
İndi isə, hörmətli millət vəkilləri, növbədənkənar sessiyanı bağlı elan edirəm. 
(Azərbaycan Respublikasının Dövlət himni səslənir).

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi