2016-ci il 14 oktyabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  24

Milli  Məclisin  iclas  salonu.
14  oktyabr  2016-cı  il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.
 

İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir 98
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

1. “Korrupsiyaya qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Elmira Axundova, Qüdrət Həsənquliyev, Fərəc Quliyev, Siyavuş Novruzov, Çingiz Qənizadə, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

3. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli, Tahir Rzayev, Ziyafət Əsgərov, Tahir Kərimli, Əflatun Amaşov, Musa Quliyev, Aydın Mirzəzadə, Adil Əliyev, Sədaqət Vəliyeva, Musa Qasımlı, Elman Məmmədov, Siyavuş Novruzov, Fuad Muradov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

4. “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

5. “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: İsa Həbibbəyli, Oqtay Əsədov, Fərəc Quliyev, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

9. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

11. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

12. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.52 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

14. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.53 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

15. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

16. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

17. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

18. “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir: Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.02 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

19. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

20. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

21. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.08 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.13 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Siyavuş Novruzov, Elman Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.20 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

24. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, Tahir Kərimli, Bəxtiyar Əliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.29 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

25. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.31 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

27. “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Musa Quliyev, Gövhər Baxşəliyeva, Rəşad Mahmudov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.48 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

28. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.50 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri   
O.ƏSƏDOV
 

MİLLİ  MƏCLİSİN  İCLASI

14  oktyabr  2016-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.12 dəq.)
İştirak edir 98
Yetərsay  83

Çox sağ olun, yetərsay var, iclasa başlaya bilərik.
Gündəlik sizə paylanıb. Bugünkü gündəlikdə 30 məsələ var idi. İki məsələ – 7–8-ci məsələlər bəzi texniki dəyişikliklərə görə gələn iclasa qalır. Ona görə gündəlikdə 28 məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Sağ olun, gündəlik təsdiq edildi. Müzakirələrə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çıxış edən zaman icazə verərik, sözünüzü deyərsiniz.
Gündəliyin birinci məsələsi “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, 2015-ci ildə cənab Prezidentin sərəncamı ilə Korrupsiyaya Qarşı Milli Fəaliyyət Proqramı təsdiq olunub. Biz həmin proqram çərçivəsində bugünkü qanun layihəsini müzakirə edirik.
Bu qanun layihəsində “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanuna 2 maddə – 11-1-ci və 11-2-ci maddələr əlavə olunur. 11-1-ci maddədə söhbət korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı  məlumatlar  verməkdən, 11-2-ci maddədə isə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verən şəxsin dövlət müdafiəsindən gedir. Mahiyyəti nədən ibarətdir? Bilirsiniz ki, hər bir Azərbaycan vətəndaşının, hər bir şəxsin korrupsiya ilə əlaqədar həm yazılı, həm şifahi, həm də elektron formada müvafiq dövlət orqanlarına məlumat vermək hüququ vardır.
Eyni zamanda, 11-1-ci maddədə qeyd olunur ki, dövlət idarə, müəssisə və təşkilatlarında, eyni zamanda, bələdiyyə orqanlarında korrupsiyaya qarşı mübarizə ilə bağlı xüsusi struktur bölmə və ya xüsusi vəzifəli şəxs yaradılır. Həmin struktur bölmə əgər idarə, müəssisə və təşkilatlarda korrupsiya halları baş verirsə, bu işlə məşğul olacaq. Tutaq ki, hər hansı bir idarə, müəssisə və təşkilatın işçisi həmin idarə və təşkilatda, yaxud bələdiyyə orqanında korrupsiya ilə əlaqədar bir məlumat verir. Qeyd etdiyimiz struktur bölmə də bu məlumatı araşdırır və sonra həmin şəxsə məlumat verir.
Onu da qeyd eləməliyəm ki, bu məlumatın konfidensiallığı saxlanılır. Yəni həmin şəxsin icazəsi olmadan o məlumat yayıla bilməz. Amma əgər istəsə, o məlumat yayıla bilər. Əgər o struktur bölmənin özündə korrupsiya halı varsa, həmin şikayət struktur bölmədən yuxarı təşkilata verilir. Əgər yuxarı təşkilatda belə korrupsiya halları baş verirsə, onda şikayət korrupsiyaya qarşı mübarizə aparan ixtisaslaşdırılmış orqana verilir. Bilirsiniz ki, bizdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi var, ora məlumat verilir. Beləliklə, dediyim kimi, bu qanunun milli fəaliyyət proqramı çərçivəsində qəbul edilməsi korrupsiyaya qarşı mübarizənin gücləndirilməsində mühüm rol oynayacaqdır.
Yeri gəlmişkən, deyim ki, 2004-cü il fevral ayının 27-də Birləşmiş Millətlər Təşkilatında “Korrupsiyaya qarşı mübarizə haqqında” Konvensiya qəbul olunub və 2005-ci ilin 30 sentyabrında Azərbaycan həmin konvensiyaya qoşulubdur. Demək istəyirəm ki, həm də beynəlxalq konvensiyada bu məsələlər öz əksini tapıb.
O ki qaldı korrupsiya faktı ilə əlaqədar məlumatı verən şəxsin müdafiəsinə, bu da qanun layihəsinin 11.2-ci maddəsində öz əksini tapıb. Bu iki məqsədlə – həmin şəxsin verdiyi məlumatın konfidensiallığını saxlamaq və eyni zamanda, onun təhlükəsizliyini qorumaq nöqteyi-nəzərindən edilir. Əgər o şəxsə və yaxud onun qohumlarına qarşı təhdidlər, hədələr, digər məsələlər olarsa, onda “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanuna müvafiq olaraq həmin şəxsin təhlükəsizliyi dövlət orqanları tərəfindən qorunur. Əgər müəyyən olunsa ki, həmin şəxs idarə, müəssisə və təşkilatlarında rüşvət faktı barədə məlumatı öz mənafeyi üçün yalandan və ya digər məqsədlərlə verib, onda onun dövlət tərəfindən mühafizəsi həyata keçirilmir. Bu, o anlama gəlir ki, artıq onun öz şəxsi mənafeyi var və bu, yalan məlumat hesab olunur.
Hesab edirəm ki, belə faktların üzə çıxması baxımından bu məlumatların verilməsi və onların dövlət orqanları tərəfindən mühafizəsi olduqca vacibdir. Yenə deyirəm, bu həm korrupsiyaya qarşı milli fəaliyyət proqramı, həm də beynəlxalq konvensiya nöqteyi-nəzərindən olduqca vacib bir məsələdir. Hesab edirəm ki, bu, olduqca vacib bir qanun layihəsidir. Ona görə sizin hamınızı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Buyursun Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Ümumiyyətlə, korrupsiyaya qarşı mübarizənin sərtləşdirilməsi ilə bağlı atılan hər bir addımı dəstəkləyirik, çünki bu mübarizə kifayət qədər səmərəli nəticələr verib, həm iqtisadi, həm də biznes mühitimizi xeyli yaxşılaşdırıb.
Qanuna təklif olunan dəyişikliklə bağlı hörmətli Ziyafət müəllimə 2 sualım var. Belə ki, 11-1.2-ci maddədə göstərilir ki, idarə və müəssisə rəhbərləri korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı müvafiq bölmə və ya vəzifəli şəxs müəyyən edir. Bu səlahiyyətli struktur bölməyə həmin idarədə baş verən korrupsiya faktı ilə əlaqədar daxil olan məlumatların qeydə alınması, araşdırılması həvalə ediləcək. Bilmək istəyirəm, yeni yaradılacaq struktur üçün yeni ştatlar, yeni iş yeri açılacaq, yoxsa bu proses mövcud olan kadrların hesabına həyata keçiriləcək? Hazırkı maliyyə çətinliyi şəraitində dövlət idarə və müəssisələrində ştatların çoxalmasına lüzum görməzdik.
İkinci sualım. Bildiyiniz kimi, hazırda insanlar korrupsiya faktı ilə qarşılaşdıqda birbaşa yuxarı instansiyaya – Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət etməyə üstünlük verirlər. Təklif olunan dəyişiklikdən isə belə çıxır ki, vətəndaşlar əvvəlcə səlahiyyətli struktur bölməyə müraciət etməlidirlər. Yuxarı instansiya orqanına ancaq o halda şikayət edə bilərlər ki, bu şikayət həmin idarənin rəhbəri ilə bağlı olsun. Buradan aydın olur ki, şikayət verilməsi prosesi bir az uzanır və 3 pillədən keçir. Əvvəl struktur bölməyə, qane etməsə, idarə rəhbərinə və nəhayət, yuxarı instansiya orqanına müraciət edilməlidir. Bu, korrupsiyaya qarşı mübarizə üçün yeni bürokratik əngəllər törətməyəcəyikmi? Müəssisə daxilində yerləşən struktur bölmə korporativ həmrəylik baxımından korrupsiya faktını gizlətməyə və ya yumşaltmağa çalışmayacağmı? Xahiş edirəm, bu suallara aydınlıq gətirəsiniz.
11-2-ci maddə isə çox vacibdir. Həqiqətən, korrupsiya faktları ilə bağlı məlumatı verən şəxslərin dövlət müdafiəsi təmin olunmalı və operativ şəkildə həyata keçirilməlidir.
İndi isə Oqtay müəllimin icazəsi ilə cari məsələyə də iki dəqiqə vaxt ayırmağınızı xahiş edirəm. Təqribən bir il əvvəl Oqtay müəllim, Siz haqlı idiniz, “Reklam haqqında” Qanuna edilən dəyişiklikdən sonra telefona reklam xarakterli icazəsiz, bezdirici SMS-lərin gəlməsi ilə bağlı böyük dəyişiklik oldu. Artıq mobil operatorlar əhali ilə daha ehtiyatla davranırlar. Lakin son zamanlar bir xoşagəlməz tendensiya əmələ gəlib və yayılmaqdadır. Söhbət bizə müqəddəs olan Dövlət himninin, bəzi ifadələrin, məsələn, “mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözlərinin müəyyən vəsait ödəmək müqabilində zəng əvəzinə yüklənməsindən gedir.
Bu günlərdə isə mən sosial mediada paylaşılan və tənqid hədəfinə çevrilən yeni bir mənzərənin şahidi olmuşam. Adi bir vətəndaşın maşınının arxa kapotunda Heydər Əliyevin mətbəə üsulu ilə hazırlanmış böyük həcmli imzası həkk olunub. Həmçinin şəhərdə maşınların qapısında, arxa şüşələrdə bu cür imzalara rast gəlinir. Vaxtı ilə rus şairi Yevgeni Yevtuşenkonun məşhur bir şerində belə bir ifadə var idi: “Уберите Ленина с денег”. Yadınızdadırsa, 10 və 25 rublda Leninin profili həkk olunmuşdu. Şair də buna qarşı çıxırdı.
Mən də xahiş edirəm ki, ölkədə baş verən bu xoşagəlməz tendensiyaya son qoyaq, müqəddəs olan sözləri, ifadələri ucuz qiymətə satmayaq. Çox xahiş edirəm ki, Heydər Əliyevin imzasını maşınların kapot, qapı və pəncərələrindən yığışdıraq. Heydər Əliyevə məhəbbət sözdə yox, əməldə olmalıdır.
Mən Heydər Əliyevi digərlərindən az sevmirəm. Sağlığında o mənə vəfalı dostum deyərdi, bununla da, həqiqətən, fəxr edirəm. Ölümündən sonra isə düz 12 il onun əziz xatirəsi ilə yaşamışam, onun barəsində onlarca kitab yazmışam. Amma mən heç vaxt nə onun səsini zəng əvəzinə telefonuma yükləyəcəyəm, nə də imzasını maşının kapotuna yapışdıracağam. Heydər Əliyevə sevgi ürəkdə olmalıdır. Söhbət nə yerə gəlib çatıb ki, bu şəkli mənə bir diplomat göndərərək soruşur: sizin Dövlət Yol Polisi hara baxır? Ona görə bir daha xahiş edirəm, aidiyyəti qurumlar müvafiq tədbirlər görsünlər və bu xoşagəlməz halları təcili aradan qaldırsınlar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Məsələ komitənin iclasında müzakirə olunanda söylədim ki, 11-1-ci maddəyə ehtiyac yoxdur. Ona görə ki, burada korrupsiyaya görə cinayət təqibini həyata keçirən orqana deyil, korrupsiya ilə bağlı və hər hansı idarə, müəssisə və təşkilatlarda yaradılan struktur bölməyə və ya vəzifəli şəxslərə müraciət olunur. Əvvəla, onların səlahiyyəti yoxdur ki, bu istiqamətdə araşdırmalar aparsınlar. Araşdırmanı yalnız cinayət təqibini həyata keçirən xüsusi səlahiyyətli dövlət orqanı həyata keçirə bilər.
İkincisi, həmin idarə, müəssisə və təşkilat maraqlı olacaq ki, bir çox hallarda bu faktlar kənara çıxmasın. Ümumiyyətlə, müəssisədə korrupsiya əməli varsa, bu müəssisənin özü üçün, sözsüz ki, yaxşı bir hal deyil. Ona görə mən də hesab edirəm ki, 11-1-ci maddə çıxarılmalıdır.
Bu maddə qalacağı təqdirdə 11-2-ci maddəyə ehtiyac qalmayacaq. Mən şəxsən inanmıram ki, müəssisənin daxilində kimsə korrupsiya haqqında məlumat verirsə, onu həmin müəssisədə gizli saxlamaq mümkün olsun. Müəssisə rəhbəri özünə ən yaxın şəxsi təyin edəcək ki, bu korrupsiya faktlarını araşdırsın. O da müəssisənin rəhbərinə deyəcək və beləliklə də, həmin müəssisədə biləcəklər ki, məlumatı verən şəxs kimdir. Ona görə də 11-1-ci maddəyə ehtiyac yoxdur.
Komitənin iclasında çıxış edənlərin hamısı bu məsələnin üzərində dayandı. Biz Əli müəllimdən xahiş elədik ki, qanun layihəsini göndərən orqanla bu məsələni müzakirə eləsin. Ona görə ki, 11-1-ci maddə əslində, korrupsiya ilə bağlı məlumatların bir qisminin gizlədilməsinə imkan yaradacaqdır. Burada söhbət 20 gün müddətində araşdırmadan gedir və sair.
11-2-ci maddəyə gəldikdə isə, düşünürəm ki, korrupsiya ilə əlaqədar hüquqpozmalar haqqında məlumatın elektron və şifahi qaydada verilə bilməsi çox müsbət haldır. Bundan sonra artıq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin özünün cinayət işini başlamaq və daxil olmuş məlumatları yoxlamaq hüququ olmalıdır. Oqtay müəllim, indiki reallıq belədir. Mənə bu barədə müraciət ediblər. Məsələn, korrupsiyaya qarşı mübarizə idarəsinə müraciət edirlər, onlar da şikayət ərizəsini Baş prokurorluğa göndərirlər. Orada da, tutaq ki, Baş prokurorun həvalə elədiyi vəzifəli şəxslər o məlumatları araşdırır və sonradan əgər məqsədəuyğun hesab edirsə, təkrar korrupsiyaya qarşı mübarizə idarəsinə göndərir ki, siz artıq bu iş üzrə yoxlama apara, yaxud cinayət işi qaldıra bilərsiniz və sair.
Hesab edirəm ki, bu, absurddur. Əgər bu qurumu biz yaratmışıqsa, mütləq həmin qurumun özünün daxil olmuş şikayətlər üzrə materiallar əsasında yoxlama aparmaq və cinayət işi qaldırmaq səlahiyyəti olmalıdır. Amma yenə də bunu Baş prokurorluq edəcəksə, onda bu idarənin yaranmasının mənası nə idi? Ona görə ki, Baş prokurorluq, tutaq ki, ağır cinayətlər üzrə istintaq idarəsinə də, rayon prokurorluğuna da göndərə bilər və sair. Düşünürəm ki, bu praktikaya son qoymaq lazımdır.
Bundan başqa, burada 11-2.4-cü maddədə həmin işçinin attestasiyadan keçirilməsi ilə bağlı qeyd olunur. Biz axı, “Dövlət qulluğu haqqında” Qanuna da dəyişiklik elədik. Komitədə də bu barədə deyildi. Bundan sonra müəssisələrdə attestasiya keçirilməyəcək. Dövlət Qulluğu Şurası hər 5 ildən bir özü attestasiya keçirir və sertifikatlar verir. Buna görə də axırıncı cümlə oradan çıxarılmalıdı.
Sonda qeyd eləmək istəyirəm ki, həqiqətən də, idarə, müəssisə və təşkilatlarda yeni struktur bölmənin yaradılması indiki dövrdə məqsədəuyğun deyil. İndiki halda hökumət çalışır ki, dövlət idarəsinin xərcləri azaldılsın. Yəni yeni strukturların yaradılması həm də bu baxımdan məqsədəuyğun hesab olunmur. Ona görə də düşünürəm ki, biz 11-1-ci maddəni, ümumiyyətlə, layihədən çıxarmalıyıq. 11-2.4-cü maddədən isə attestasiyanın keçirilməsi ilə bağlı müddəa çıxarılmalıdır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Burada 11-1.2-ci maddədə yazılır ki, idarə, müəssisə və ya təşkilatlarda korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatların verilməsi üçün müvafiq vəzifəli şəxs və ya struktur bölmə təşkil edir.
11-1.6-cı maddədə isə göstərilir ki, barəsində məlumat verilən şəxsə, həmçinin araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslərə korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumatın araşdırılması həvalə edilə bilməz. Baş verən hadisələrin bütün hallarda, ən azından dolayısı ilə idarə rəhbərinə dəxli var, çünki o, müəssisənin rəhbəridir. Ona görə də hesab edirəm ki, bu, həmin idarəyə həvalə olunmaqdansa, korrupsiya ilə mübarizə idarəsinə həvalə olunmalıdır.
Düşünürəm ki, son zamanlar müəyyən addımlar atılır. Amma bəzi məsələlərdə müstəqil davrana bilən qurumlar iş görə bilirlər, müstəqil davrana bilməyənlər isə çətinliklə qarşılaşırlar. Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin özü belə prokurorluqdan ayrılıb birbaşa Prezidentə tabe olsa, daha uğurlu bir variant olardı. Çünki prokurorluğun özündə də korrupsiya halları olur və bir neçə il əvvəl bir prokuror şantajla bağlı 12 il müddətində həbsə məruz qaldı. Belə hallar olur.
Mən hesab edirəm ki, korrupsiyaya qarşı mübarizə işində atılan addımlar çox səmərəlidir. Bunun da əhəmiyyəti vardır, amma o funksiyaları idarəyə yox, Korrupsiyaya qarşı mübarizə idarəsinə həvalə eləmək daha doğrudur. Həmin idarənin də müstəqil olması üçün gələcəkdə addımlar atılması daha ciddi səmərə verə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Doğrudan da, vacib bir qanun layihəsidir. Hörmətli Ziyafət müəllim təqdim etdi. Biz bilirik ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizə başlayanda Korrupsiyaya qarşı mübarizə üzrə komissiya yaradıldı. Bizim həmkarımız Əli müəllim uzun müddət orada iştirak edib. İndi Milli Məclisi bu komissiyada Ziyafət müəllim təmsil edir. Yəni korrupsiya idarəsinin yaranması, hətta ona istintaq-əməliyyat fəaliyyətinin həvalə olunması, doğrudan da, Azərbaycan dövlətinin korrupsiyaya qarşı mübarizə məqsədini birbaşa ortaya qoyur.
Mən hesab edirəm ki, bugünkü qanun layihəsini qəbul etməklə korrupsiya hallarının qarşısının alınmasına daha geniş imkan yaradacağıq. Son vaxtlar korrupsiya idarəsinin apardığı uğurlu işlər, “online” sisteminin fəaliyyəti korrupsiya hallarının qarşısının alınmasına kifayət qədər xidmət göstərib. Hesab edirəm ki, bu məsələlər davamlı olmalıdır, çünki harada insan varsa, orada belə hallar ola bilir və bunun qarşısı ciddi şəkildə alınmalıdır. Amerika Birləşmiş Ştatları başda olmaqla dünyanın bir çox ölkəsində bu cür hallar var və hər hansı bir korrupsiya halını bilib xəbər verməyən insanların cinayət məsuliyyətinə cəlb olunması məsələsi gündəmdədir. Qanunda da göstərilib ki, bilib, xəbər verməməyin özü növbəti cinayətin törədilməsinə gətirib çıxarır. Bu baxımdan da hesab edirəm ki, bununla əlaqədar kifayət qədər müraciətlər daxil olacaqdır.
Ziyafət müəllim, məni əsas narahat eləyən nədir? Verilən məlumatların təkrar ötürülməsi məsələsi məni narahat edir. Əgər şəxs kiməsə zəng edib kimdənsə şikayət edəcəksə, biz elə məsuliyyət müəyyən etməliyik ki, özünü doğrultsun. Düzdür, qanunda göstərilib ki, o sirlər qorunmalıdır, saxlanmalıdır. Amma bununla yanaşı, həmin şəxsin birbaşa həmin idarə, müəssisə rəhbərinə zəng edib kimin tərəfindən ona informasiya ötürülməsi məsələsi çox ciddi məsələdir. Mən hesab edirəm ki, bizim qanunun əsas mahiyyətini və əsasını təşkil eləyən məsələ ondan ibarətdir.
İstənilən bir şəxs ola bilər ki, yalan məlumat verir. İndi biz işləyirik, çalışırıq. Biri ola bilər ki, icra başçısı ilə yola getmir və onun haqqında düzgün olmayan məlumat ötürür. Digəri tutaq ki, idarə, müəssisə rəhbəri ilə yola getmir və onunla əlaqədar yanlış məlumat ötürür. Onların da məsuliyyət məsələsi qoyulmalıdır ki, keçmişdəki kimi yazmasınlar. BMT-dən tutmuş mərkəzi komitəyə və sair anonim məktublar yazırdılar. Yaxud keçmişdə Xalq nəzarəti komitəsi var idi, kimisə yoxlamaq istəyirdisə, özü təşkil edib bir-iki məktub yazdırırdı və bu işləri həyata keçirməyə başlayırdı. Yoxlamada da məqsəd bu idi ki, həmin insanlardan nəsə qoparsın.
Bu baxımdan, hesab edirəm ki, anonimlik məsələsi ortadan qalxmalıdır. Konkretləşdirilməlidir ki, müraciət eləyən şəxs kimdir. Həmçinin onun hüquqları tam şəkildə qorunmalıdır. Mənə elə gəlir, bu, cinayət məsuliyyətinə qədər gedib çıxmalıdır ki, həmin şəxs haqqında məlumat verməsin. Korrupsiya halını aradan qaldırmaq əvəzinə idarə, müəssisə rəhbərindən təmənna güdmək nəticəsində həm vətəndaşın hüququ pozula, həm də bizim korrupsiyaya qarşı apardığımız mübarizənin effekti aşağı düşə bilər. Bu, çox ciddi məsələdir və hesab edirəm ki, onu bir az ağırlaşdırsaq daha yaxşı olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Cənab Prezident tərəfindən 2011-ci ildən başlayaraq ölkədə korrupsiyaya qarşı mübarizə ilə bağlı siyasi iradə daha da gücləndirildi və biz də bununla bağlı parlamentdə çoxsaylı qanunlar qəbul etdik. Həm korrupsiyanı, rüşvəti yaradan səbəblərin kökünün kəsilməsi, həm də buna qarşı mübarizə aparan şəxslərin qanun çərçivəsində maraqlandırılması, yəni müəyyən faizin onlara mükafat formasında verilməsi təqdirəlayiq haldır. Ölkədə korrupsiyaya qarşı ciddi mübarizə aparılır.
Bu gün müzakirəyə təqdim olunan qanun layihəsi əslində, “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun daha da gücləndirilməsinə xidmət edir. Amma burada bir-iki məsələ var, hüquqşünas kimi onları dəqiqləşdirmək istəyirəm. Qanunun qəbulunun əleyhinə deyiləm, amma onun işləyib, yoxsa işləməyəcəyini gələcək göstərər. Mən elə hesab edirəm, qanunda bir neçə məsələ var ki, onları dəqiqləşdirmək yaxşı olardı.
Qanunun 11-1.2-ci maddəsində bu məlumatları araşdıracaq vəzifəli şəxsin və ya struktur bölmənin yaradılmasından söhbət gedir. Eyni zamanda, 11-1.5-ci maddədə yazılır ki, 20 gün müddətində məlumat araşdırılmalı və araşdırmanın nəticəsi barədə məlumat verilməlidir. Amma bu məlumatı araşdıran şəxsin hüquqi savadı çatacaqmı ki, bunun rüşvət, yoxsa korrupsiya olduğunu aydınlaşdırsın? Bu gün bəzi hüquqşünasların özləri də bilmirlər ki, rüşvət və korrupsiya ayrı-ayrı cinayətlərdir. Bilmirəm necə olacaq, amma söhbət bu araşdırmanı aparan şəxsin hansı ixtisasın sahibi olmasından gedir. Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində hüquqşünaslar çalışır və onlar bu işi araşdırırlar. Amma qaz-istismar idarəsində mühəndis haradan biləcək ki, bu, rüşvətdir, yoxsa korrupsiya? Buna hüquqi qiyməti necə versin? Bu mənim üçün maraqlıdır və ola bilər ki, gələcəkdə qanunun tətbiqi zaman bu, nəzərə alınsın.
Misal üçün, qanunun 11-1.6-cı maddəsində yazılır ki, bu araşdırmanın nəticəsində birbaşa və ya dolayısı ilə maraqlı olan şəxslər. Bu idarənin tərkibində yaradılırsa, dolayısı ilə tabeçilik prinsipi var. Mən inanmıram ki, hansısa idarənin tərkibində yaradılan bölmə, yaxud vəzifəli şəxs müstəqil ola bilsin.
Başqa bir məsələni də qeyd etmək istəyirəm. Burada normal hallar var. Misal üçün, qanunun 11-2-ci maddəsində belə şəxslərin dövlət müdafiəsi ilə bağlı maraqlı məqamlar var və bu, vacib şərtlərdən biridir. Yəni bu hallar olduqda “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunun tətbiqi olduqca vacibdir, çünki onlara qarşı müəyyən təzyiqlər olacaq.
Eyni zamanda, istərdim ki, əsassız, bilə-bilə, məqsədli şəkildə bu cür ərizə yazanların da məsuliyyəti olsun. Yoxsa elə gündə biri ərizə yazıb göndərəcək, idarələr də bunlarla məşğul olacaq. Düzdür, qanunun 11-2.6-cı maddəsinə görə “Cinayət prosesində iştirak edən şəxslərin dövlət müdafiəsi haqqında” Qanun bu cür adamlara tətbiq edilmir. Amma onların da məsuliyyəti qoyulsa, onu yazmazdan əvvəl oturub fikirləşərlər ki, həqiqətən, belə cinayət var. Yoxsa elə kimsə yanımdan keçəndə mənə salam verməsi, mən də əsəbiləşib yazmışam və sair olmasın. Bu baxımdan qanun layihəsinin üzərində bir az işləmək lazımdır.
Oqtay müəllim, vaxtım var, icazə verəsiniz, bu günlərdə bir millət vəkili, bir vətəndaş kimi başıma gələn bir hadisə barədə danışmaq istəyirəm. Bir neçə vəzifəli şəxs ayın 10-da İstanbula bir günlük səfər elədik. Qeyd edim ki, “AZAL”-la uçurduq. “Business class”da 20 yerin cəmisi 5-i dolu idi. 15 yer boş idi, çünki qiymətlər olduqca bahadır. Amma qayıdarkən nə baş verdi? Çox yorğun olduğum üçün xahiş etdim ki, mənə qabaqdakı yeri versinlər. Bizə qeydiyyatdan keçərkən dedilər ki, bunun üçün əlavə 30 dollar pul verilməlidir. Bu bizə İstanbulda deyildi. Mən dedim ki, necə yəni, axı, biz biletə pul ödəmişik. Dedilər ki, qabaq yer üçün əlavə pul ödənilməlidir.
Mən səs-küy salandan sonra AZAL-ın başqa bir nümayəndəsi gəldi. Dedi ki, yox, bu, “econom class”a aiddir, orada qabaq yerlərə əlavə 30 dollar alırıq. Çıxış yerlərindəki bir az enli yerlər üçün də 30 dollar pul alırıq.
Bu, biabırçılıqdır. Mən əcnəbi vətəndaş olsam, bunu məndən istəsələr, təbii ki, gələcəkdə susmayacağam. Ölkənin də güzgüsü vağzallardır. Cavid müəllim “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinə sədr keçəndən sonra xeyli işlər görüb. Gözəl qatarlar gətirilib. Dünən oxudum ki, hətta biletlərin satışını “ASAN xidmət”ə yönəldirlər. Çox sağ olsun Cavid müəllim ki, belə bir təkliflə çıxış eləyib.
Bu, biabırçılıqdır. Hesabladım, deməli, qabaq yerlər üçün bir reysdə cəmi 360 dollar pul qazanacaqdılar. Amma “business class”dakı 15 yer boş getdi və qayıtdı. Mənə onların nümayəndələri yaxınlaşıb dedilər ki, biz dəfələrlə bu hallarla üzləşirik, bu təlimat Bakıdan gəlib, biz heç nə eləyə bilmirik. Bizi hörmətlə yola salmağa çalışdılar və xahiş etdilər ki, bu biabırçılıqla bağlı məsələ qaldırım. Allaha and olsun, özləri xahiş elədilər. Olmaz belə. Gah yeməyə görə, gah qabaqda oturmağa görə vətəndaşlardan əlavə pul alırlar.
Bir məsələnin də şahidi oldum. Vətəndaş içəri girdi, arxa yerdə oturmalıydı. Ona təklif etdilər ki, sən yerini dəyiş. Soruşdu ki, “niyə”? Dedilər ki, arxa yerlərə yük qoyulub. Stüardessanı çağırdım, soruşdum ki, bu, kolxoz arabasıdır, yoxsa təyyarə? Necə yəni arxa yerə yük qoyub vətəndaşa deyirsiniz ki, keç, qabaqda otur. Bu, özbaşınalıqdır. Cənab Prezident AZAL-la bağlı mövqeyini ortaya qoydu, insanları incitmək olmaz. Bu, dilənçilikdir. 360 dollardan ötrü sən tanıyıb-tanımadığına deyirsən ki, 30 dollar pul ödə.
Deyir ki, anlaşılmazlıq olub, biz “econom class”da əlavə pul alırıq. Axı, sən mənim pasportuma ekranda baxanda görürsən ki, mən “business class”da uçuram. Deməli, mən səsimi çıxarmasam, bu pul ödənməli idi. Əcnəbiləri, turistləri ölkəmizə dəvət edirik, amma “AZAL” bu cür dilənçiliklə məşğul olub, insanları incidir. Bu ölkəmizin imicinə zərbədir. Cənab Prezident Azərbaycanı bütün dünyaya tanıdıb, belə şeyləri yığışdırmaq lazımdır. Oqtay müəllim, bəlkə Siz məsələ qaldırasınız. İstəyirlər, məni dəvət eləsinlər, bileti saxlamışam, stüardessanın adını da, hansı yerdən keçmişəm onu da yazmışam. Bu qədər.
Sədrlik edən. Sən çıxış eləməmişdən qabaq bunları mənə deyərdin, araşdırardıq. İndi çıxış elədin də.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən sözünü kəsmədim, çünki gündəlikdən danışırıq. İndi hərəmiz başımıza gələnləri danışsaq, onda gərək Milli Məclisin işini kənara qoyaq.
Xahiş edirəm, Ziyafət müəllim suallara cavab versin. Bir də, gündəliyin bu məsələsinə, Əli müəllim, Sizin komitədə baxılıb və çıxış edənlərin əksəriyyəti bu komitənin üzvləri idi. Xahiş edirəm, Siz də məlumat verəsiniz.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Dediyiniz fikirlərə, təkliflərə görə minnətdarlığımı bildirirəm. Bu qanun layihəsini sizə təqdim eləyəndə dedim ki, hər bir vətəndaşın ixtiyarı var ki, konkret rüşvət faktı haqqında müvafiq orqanlara şifahi, yazılı və elektron formada məlumat versin. Vətəndaşın qarşısını heç kim kəsmir. Sadəcə olaraq, əgər bu və ya digər idarə, müəssisə və təşkilatda belə hal baş verirsə və vətəndaş hesab edərsə ki, bu məlumatı burada da araşdırmaq olar, onda idarə, müəssisə və təşkilatlarda xüsusi vəzifəli şəxs, ya da qurum yaradılır.
Sual oldu ki, belə iqtisadi çətinlik dövründə bu qurumun yaranmasına nə ehtiyac var? Bu qurumun yaradılmasına ehtiyac yoxdur. Onu idarə, müəssisə və təşkilat hər hansı bir vəzifəli şəxsə və ya həmin qurumda mövcud olan bölmənin rəhbərinə də həvalə edə bilər. Bu məsələnin bir tərəfi.
Mən yadıma düşdükcə sualları ümumiləşdirib cavab verəcəyəm. Çingiz müəllim və digər deputatlar ixtisas məsələsini qeyd elədilər. Yəni bu, korrupsiyadırmı, rüşvətdirmi – necə müəyyən edəcəklər? Müəssisə və təşkilatlarda hüquqşünaslar da işləyir, idarə, müəssisə və təşkilatın rəhbəri ekspert də dəvət eləyə bilər. Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, idarə və müəssisədə bölmə yaradılacaqsa, o, istintaq aparmır, sadəcə, faktı araşdırır və müvafiq orqanlara bu barədə məlumat verir. Bu istintaq orqanı olmayacaq, istintaq orqanı yuxarıdadır. Baş prokurorluqda ixtisaslaşmış orqan var, onlar bu işlə məşğuldurlar. Məsələnin mahiyyəti bundan ibarətdir.
O ki qaldı məlumatı verən şəxslərin müdafiəsi məsələsinə, mən bayaq da qeyd elədim, bəli, “Cinayət prosesində iştirak eləyən şəxslərin dövlət müdafiəsi haqqında” Qanunun tələblərinə müvafiq olaraq onlar dövlət tərəfindən müdafiə olunurlar.
Çingiz müəllim də, Siyavuş müəllim də qeyd elədilər ki, kimdən xoşları gəlmirsə, yalandan anonim məlumat verəcəklər. Əvvəla, bizim qanunun tələblərinə görə anonim məlumatlara baxılmır. İkinci bir tərəfdən, doğrudan da, həmin şəxsi təhqir edirsə, ya böhtan atırsa, ya onun şərəf və ləyaqətini alçaldırsa, bunun üçün bizim Cinayət və Mülki Məcəlləmizdə məsuliyyət nəzərdə tutulub. Bunların hamısı qanunda nəzərdə tutulub. Ona görə hesab edirəm ki, bu, həm 2012-ci ildə cənab Prezident tərəfindən təsdiq olunmuş Korrupsiyaya Qarşı Milli Fəaliyyət Proqramının tələblərinin həyata keçirilməsi, həm də beynəlxalq konvensiyanın tələbləri nöqteyi-nəzərdən olduqca vacib bir qanundur. Hesab edirəm ki, bu, korrupsiyaya qarşı mübarizə sahəsində öz töhfəsini verəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əli müəllim, sualların çoxuna cavab verdilər, əlavəniz varsa, buyurun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Cənab Sədr, Ziyafət müəllim məlumat verdi. Yeganə onu demək istəyirəm ki, komitənin iclasında Qüdrət müəllimin və Çingiz müəllimin bu cür qeydləri olmuşdu və biz müzakirə etmişdik. Ümumilikdə bu layihəni dəstəkləmişik.
Qısaca nəyi demək mümkündür? Ziyafət müəllim çox geniş izahat verdi və qeyd etdi ki, bu qanun layihəsi korrupsiya ilə bağlı məlumatları təşviq etmək məqsədi daşıyır. Yəni əgər korrupsiyaya qarşı mübarizəni gücləndirmək istəyiriksə, bu barədə məlumatı hər kəs verməlidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyurun, Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanun qəbul eləmişik. Həmin qanunun tələblərinə görə o qanunda təsbit olunmuş müddəalar Mülki Prosessual Məcəllədə də öz əksini tapmalıdır. Ona görə də Mülki Prosessual Məcəlləyə cənab Prezident tərəfindən təqdim olunmuş qanun layihəsində təklif olunur ki, 305.1.13-cü maddədən sonra “Terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində aktivlərin dondurulması haqqında” 305.1.14-cü maddə əlavə edilsin. Çox təəssüf ki, hazırda dünyada terrorçuluğun maliyyələşdirilməsi ilə bağlı bu aktivlərdən geniş istifadə olunur. Ona görə də biz qanunvericilikdə qabaqlayıcı tədbirlər görməliyik. Əgər qanunsuz vəsaitlər əldə edilirsə və terrorizm maliyyələşdirilirsə, o aktivlər mütləq dondurulmalıdır.
Söhbət hansı aktivlərdən gedir, mən onları sizə deyim. Aktivlərin anlayışı “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Qanunda var. Aktivlər nədir? “Aktivlər – əldə edilmə üsulundan asılı olmayaraq, istənilən növ maddi və qeyri-maddi əmlak nemətləri, daşınar və daşınmaz əmlak, post göndərişləri, bank kreditləri, akkreditivlər, yol çekləri, bank çekləri, istiqrazlar, veksellər, səhmlər və digər qiymətli kağızlar, habelə bu cür aktivlərə olan hüquqları təsdiq edən elektron və ya digər formada tərtib olunan hüquqi sənədlər və ya aktlardır”. Aktivlər dedikdə bunlar nəzərdə tutulur.
Mən sizin nəzərinizə bir məsələni də çatdırmaq istəyirəm ki, Mülki Prosessual Məcəllədə müəyyən olunmuş xüsusi icraatda baxılan məsələlərin  siyahısı  təxminən  13-dür və bu artıq 14-cü məsələ olacaq. Bu, xüsusi icraat qaydasında baxılacaq və hesab edirəm ki, bu da terrorizmə qarşı mübarizənin gücləndirilməsi nöqteyi-nəzərindən olduqca vacib bir məsələdir.
355.12-ci və 355.14-cü maddələrdə ərizənin məzmunu, ərizəyə baxılması və qətnamənin qəbul edilməsi məsələləri göstərilib. Burada mübahisə doğuracaq bir məsələ yoxdur.
355.14-cü maddə “Aktivlərin dondurulması ilə bağlı tədbirlərin ləğvi” adlanır. Əgər həmin aktivlərin dondurulmasına səbəb olmuş hallar aradan qaldırılıbsa, onda məhkəməyə müraciət edir və məhkəmə 5 gün müddətində aktivlərin dondurulması tədbirlərinin ləğv edilməsi barədə qətnamə qəbul edir. Hesab edirəm ki, dünyada, o cümlədən bizim regionda terrorizmə qarşı mübarizənin gücləndirildiyi bir dövrdə olduqca vacib bir qanun layihəsidir. Ona görə xahiş edirəm, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 3 məsələ – 3-cü, 4-cü və 5-ci məsələlər cənab Prezident tərəfindən bir zərflə gəlib və iki komitədə baxılıb. 3-cü məsələ “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda dəyişikliklər edilməsi barədə, 4-cü məsələ isə “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Hadi müəllim, bir yerdə məlumat verirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
İki məsələ barədə mən məlumat verim, üçüncü məsələ də mahiyyətcə həmin mövzuya aiddir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanunda və “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” Qanunda dəyişikliklər edilir.
Bu dəyişikliklərin kökündə nə durur? Əgər yadınızdadırsa, 2015-ci il il oktyabrın 6-da “Təhsil haqqında” Qanunda dəyişiklik edildi. O qanunda gənclərimizə imkan verildi ki, AMEA-da da magistratura təhsili ala bilsinlər. Bu güzəştlər, təhsil haqqının dövlət hesabına ödənilməsi həmin qanunlarda təsbit olunan o qrup insanlara da şamil olunur. Yəni Milli Elmlər Akademiyasının magistratura strukturunda təhsil alan uşaqlara da həmin imtiyazlar tətbiq olunur. Bütövlükdə bu, sosial müdafiənin bir az da gücləndirilməsinə yönəlib. Ona görə deputat həmkarlarımdan xahiş edirəm, bu layihələrə səs versinlər.
Sədrlik edən. Bu zərfdə olan 5-ci məsələ ilə bağlı Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli məlumat versin, sonra müzakirələrə başlayaq. Buyurun, İsa müəllim.
İ.Həbibbəyli, Milli Məclisin Elm və təhsil komitəsinin sədri.
Hər iki məsələ burada qeyd olunduğu kimi, “Təhsil haqqında” Qanuna magistratura üzrə təhsilin aid edilməsi ilə bağlı uyğunlaşdırma məqsədi daşıyır. Eyni zamanda, qeyd etməliyəm ki, bu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial müdafiəni gücləndirmək istiqamətindəki ardıcıl siyasətini göstərən mühüm faktlarından biridir. Bu, magistraturaya gəncliyin daha fəal cəlb olunmasına kömək edəcəkdir. “Təhsil haqqında” Qanuna da buna uyğun olaraq “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat” adlı əsas anlayış daxil edilib. Deyim ki, əsas anlayışın şərhi də bu anlayışın mahiyyətini bütün dolğunluğu ilə əks elətdirir.
Bu dəyişiklik müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilat, yəni Milli Elmlər Akademiyasında təhsil alan magistirlərə də təhsilin digər pilləsində təhsil alan və ali məktəblərdə təhsilini davam etdirən subyektlər kimi təhsil haqqından azad olunmaq hüququnun şamil olunmasını özündə əks elətdirir. Bu da ölkəmizdə sosial siyasətin uğurla davam etdirildiyini göstərən bir faktdır və qanunvericiliyin təkmilləşməsinə də öz töhfəsini verir. Mən təklif olunan yenilikləri dəstəkləyirəm və sizi ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, görürəm ki, bu məsələ ilə əlaqədar 11 nəfər millət vəkili yazılıb. Birinci, bu dəyişikliklərdir, xahiş edirəm, 5 dəqiqədən artıq çıxış etməyək.
İkinci də, xahiş edirəm, qanunun mahiyyəti haqqında çıxış edək. Biz bu qanunları qəbul edəndə istənilən qədər çıxışlar etmişik. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Son zamanlar şəhid ailələrinə, milli qəhrəmanlara, Qarabağ qazilərinə çox ciddi dəstək verilir. Prezident tərəfindən imzalanan sərəncamlar vətənpərvərlik əhvali-ruhiyyəsini qaldırır. Hesab edirəm ki, bu dəyişiklik də bu istiqamətdə atılan çox ciddi addımlardan biridir.
Mən istəyirəm, bir məsələ ilə bağlı təklifimi edim. Bu məsələ ilə bağlı xeyli şikayətlər, müraciətlər olur. Mənə elə gəlir ki, başqa deputatlara da belə müraciətlər olubdur. Bu, bir övladı olan şəhid ailələrinin hərbi xidmətlə bağlı müraciətləri ilə əlaqədardır. Biz onları ya hərbi xidmətdən azad etmək, ya da arxa cəbhədə xidmətini təmin etməklə bağlı bir tədbir görsək, məncə, o müraciətləri müsbət cavablandırmış olarıq. Elə böyük bir kontingent deyil, məncə, bunu etməyə dəyər.
İkinci, şəhid ailələrinin övladları ali təhsil aldıqları müddətdə müavinət alırlar. Amma həmin yaşda hərbi xidmətdə olanlar müavinət almırlar. Əslində isə hərbi xidmətdə onların buna daha çox ehtiyacı olur. Məncə, şəhid ailələrinin hərbi xidmətdə olan övladlarına da müavinətin verilməsini təmin etmək olar. Bu iki təklifi nəzərə alsaq, o atılan addımları daha da qüvvətləndirmiş olarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım! Təqdim olunan qanun layihələri hörmətli Prezidentimizin şəhid ailələrinə, valideynlərini itirmiş uşaqların sosial müdafiəsinin möhkəmləndirilməsinə göstərdiyi qayğı və diqqətin ifadəsidir. Bu kateqoriyadan olan insanlara qayğının ildən-ilə artırılması, onların dövlət ali və orta ixtisas təhsili müəssisələrində və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilatlarda təhsil haqqının ödəməkdən azad edilməsi, əmlak və yaşayış sahələri üzrə təminatlara malik olmaları, təhsilin magistratura səviyyəsində müəyyən güzəştlər qazanmaları humanizmin nümunəsi olmaqla bərabər, həm də ölkədə insan hüquq və azadlıqlarının qorunması sahəsində irəliyə atılan addımlar kimi qiymətləndirilməlidir.
Son zamanlar respublikada şəhid adlarının əbədiləşdirilməsi üçün çox işlər görülüb. Şəhidlərin adına məktəblər, küçələr var, parklar salınıb. Şəhid ailələri üçün regionlarda çoxmənzilli evlər tikilib, istifadəyə verilib. Şəhidlərin adlarını əbədiləşdirmək üçün çoxsaylı kitablar çap olunub, sənədli filmlər hazırlanıb.
Bu gün müzakirə etdiyimiz bu qanun layihəsi də çox humanist məqsədlərə xidmət edir və elə bilirəm ki, hər birimizin ürəyindəndir. Nəinki bizim, hər bir Azərbaycan vətəndaşının ürəyincədir, çünki ölkəmizin müstəqilliyi, azadlığı uğrunda vuruşan, şəhid olan hər bir kəsin xatirəsi bizim üçün əzizdir. Ancaq bu qayğı, diqqət yalnız dövlət rəhbərinin, dövlətin vəzifəsi olmamalıdır. Mən elə bilirəm ki, hər bir sahibkar, hər bir iş adamı, hər bir imkanlı şəxs şəhid ailələrinə, imkansız, kimsəsiz uşaqlara qayğı və diqqətlə yanaşmalıdır. Ona görə də mən bu qanunu dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi Sədrinin
birinci  müavini  Z.Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Fürsətdən istifadə edərək dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibəti ilə sizi və xalqımızı təbrik edirəm. Bu müstəqilliyə imza atanlardan biri kimi onu demək istəyirəm ki, biz cənab Prezidentin sabitlik və təhlükəsizlik naminə fəaliyyətini və islahatlarını ən çox arzulayan və dəstəkləyənlərdənik. Bizi sosial şəbəkələrdə və sairdə çox qınayırlar. Yəni ən böyük arzumuz odur ki, bu işlər başa gəlsin, həyatımız, doğrudan, yaxşılaşsın ki, bizi nahaqdan qınadıqlarını başa düşsünlər.
Fürsətdən istifadə edib cənab İlham Əliyevin 2015-ci il 24 noyabrda V çağırış Milli Məclisin ilk iclasındakı çıxışından sitat gətirmək istəyirəm ki, mənim dediklərim başa düşülsün: “Əminəm ki, deputatlar ölkəmizin hərtərəfli inkişafı üçün öz dəyərli töhfəsini verəcəklər. Deputatlar tərəfindən irəli sürüləcək təşəbbüslər, qanun layihələri ölkəmizin hərtərəfli inkişafına xidmət edəcəkdir”.
İndi isə konkret olaraq şəhidlərlə bağlı məsələyə keçmək istəyirəm. 1988–1994-cü illərdə 18 min şəhidimiz olub. Onlardan 4600-ü evli olub və hazırda onların uşaqları 18 yaşı keçiblər. Təəssüf edirəm ki, köçkün uşaqlarının statusu olsa da, şəhid övladlarının statusu hələ də yoxdur. Ona görə də onlar 10 min manat məbləğində icbari sığorta haqqını ala bilmirlər. Mən şəhid dayısıyam. Bir bacımın oğlu könüllü gedib, şəhid olub, o bir bacımın da evində müharibə əlili var. Ona görə bu məsələlərlə maraqlanmışam.
Mən deyərdim ki, ən mühüm məsələlərdən biri cənab Prezidentin 2014-cü il 20 iyun tarixli “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Sərəncamı ilə bağlıdır. Mən bunun üstündə xüsusi araşdırma apardım. Sərəncamda göstərilir ki, 5731 nəfər yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınıb. Cənab Prezident göstəriş verir ki, 2014–2018-ci illər ərzində onların mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi üçün tədbirlər həyata keçirilsin, maliyyələşmə, torpaq sahələri ayrılsın. Amma biz nə görürük? Elə şəhid ailələri var ki, 18 ildən artıqdır, mənzil uçotuna durub, amma ala bilmirlər.
Mən məsələni diqqətlə araşdıranda nə üzə çıxdı? Bu proseslər 4 il üçün nəzərdə tutulub. Biz görürük ki, cənab Prezident Ehtiyat Fondundan 2 dəfə 10 milyon manat pul ayırıb. Bir dəfə də Nazirlər Kabineti 20 milyon ayırıb. Cəmi 40 milyon pul ayrılıb. Ancaq bu insanların mənzillə təmin olunmasını başa çatdırmaqdan ötrü 5731 nəfəri orta hesabla azı 50 min manatdan götürsək, 272550 min manat vəsait lazımdır. Cəmi 40 milyon pul keçirilib və bu da 2018-ci ildə başa çatmalıdır.
Sərəncamın 3.1-ci maddəsində yazılır ki, 2015–2018-ci illərdə hər il dövlət büdcəsinin tərtibi prosesində zəruri vəsaitin dövlət əsaslı vəsait qoyuluşuna nəzərdə tutulması təmin edilsin. Bu iki il ərzində 1 manat da olsun təmin olunmayıb. Bu sərəncam yerinə yetirilə bilinməyəcək şəklə düşür. Qorxu var. Mən həyəcan təbili çalıram ki, həm şəhid ailələri bizdən inciməsinlər, həm də cənab Prezidentin sərəncamı yerinə yetirilsin. Yəni 272 milyonun əvəzinə 40 milyon manat pul keçirilib. Çox xahiş edirəm, bunu yerinə yetirmək lazımdır. Bu, məni çox narahat edir. İndidən düşünmək lazımdır və büdcəni tərtib edənlər bunu nəzərə almalıdırlar. Demirəm ki, kimsə bilə-bilə Prezidentin sərəncamını pozur. Ola bilər, kiminsə yadından çıxıb, diqqətindən yayınıb. Prezidentin sərəncamı yerinə yetirilməlidir, xalq, şəhid ailələri də bunu görməlidirlər.
Sədrlik edən. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli deputatlar, hörmətli həmkarlar! Doğrudan da, bu gün Azərbaycan dövləti şəhid ailələrinə hər cür qayğı göstərir. Bu dəyişikliklər də deyilənlərə bir nümunədir.
Mən “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Qanuna edilən dəyişikliklər barədə danışmaq istəyirəm. Biz bu gün müharibə şəraitində yaşayırıq və buna görə şəhid ailələrinin dövlətin bu və ya digər imtiyazlarından bəhrələnməsi çox vacibdir. Qanuna edilən dəyişiklik də məhz buna xidmət edir.
Mən başqa bir məqama da toxunmaq istəyirəm. Milli ordumuzun giziri Fariz Novruzov şəhid olanda Saatlıda onun dəfnində iştirak etdim, valideynlərinin vəziyyəti ilə maraqlandım. Əlbəttə, şəhidlərimizə dövlətin qayğısı var və bu göz önündədir. Amma mən bir məsələni qeyd etmək istəyirəm. Bilirsiniz ki, şəhidə görə onun ailəsinə 11 min manat birdəfəlik müavinət ödənilir. Ancaq Azərbaycanda elə şirkətlər var ki, işçisinin həyatını 100 min manata qədər sığortalayır. Belə olan halda torpaqlarımızın qorunması uğrunda qəhrəmancasına şəhid olan əsgərimizin ailəsinə 11 min manat ödənilməsi, doğrudan da, azdır. İstərdim ki, bu məsələyə ciddi şəkildə yanaşaq. İndi yəqin ki, mümkün deyil, amma gələcəkdə həmin məbləğin artırılmasını gündəmə gətirmək olar. Bu, cəmiyyətdə ruh yüksəkliyinə səbəb olacaq. Deyəcəklərim bu qədər, diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Məndən öncə çıxış edən deputat həmkarlarımın fikirlərini dəstəkləyərək bildirirəm ki, hər 3 qanun layihəsi Azərbaycanda sosial cəhətdən müdafiəyə ehtiyacı olan şəxslərin sosial təminatının gücləndirilməsinə yönəlib və cənab Prezidentin şəhid ailələrinə, onların övladlarına, valideyn himayəsindən məhrum olmuş uşaqlara qayğısının ifadəsidir. Şübhəsiz ki, biz bunların hər üçünə səs verəcəyik və qəbul edəcəyik.
Mənim hər üç qanuna iki təklifim var. Hesab edirəm, bu təkliflər həm qanunların uzlaşdırılması baxımından əhəmiyyətlidir, həm də sosial ədalətin daha ciddi şəkildə qorunması üçün gərəklidir. Birinci təklifim ondan ibarətdir ki, həm şəhid uşaqlarından, həm də valideynini itirmiş uşaqlardan 23 yaş məhdudiyyəti götürülsün. Əgər bakalavr pilləsində indiyə qədər biz bu məhdudiyyəti qoymuşduqsa, bu, anlaşılan idi. Yəni 17 yaşında bu uşaq orta məktəbi qurtarırdı və həmin il daxil olurdusa, 21 yaşına qədər, daxil olmurdusa, 23 yaşına qədər imkan verilirdi ki, dövlət vəsaiti hesabına təhsil alsın. Amma biz bunu magistraturaya aid ediriksə, onda uşaqların çoxu, xüsusən oğlan uşaqları hərbi xidmətə getdikləri üçün bu imkandan yararlana bilməyəcəklər.
Digər tərəfdən, ümumiyyətlə, yaş məhdudiyyətinin heç bir mənası yoxdur. Şəhid uşağı 23 yaşında da şəhid övladı sayılmalıdır, 50 yaşında da. O imtiyaz ona verilirsə, hansı yaşda oxumağından asılı olmayaraq dövlət bunu öz üzərinə götürməlidir. Digər tərəfdən, cənab Prezidentin 2014-cü il 18 mart tarixli bir sərəncamı var. Həmin sərəncamda yaş məhdudiyyəti söhbəti yoxdur. İstər şəhid övladlarının, istərsə də valideyn himayəsindən məhrum olunmuş uşaqların təhsilini dövlət tam təminatı ilə öz üzərinə götürür.
Qanunların uzlaşdırılması baxımından ikinci təklifim ondan ibarətdir ki, cənab Prezidentin həmin tarixli sərəncamında valideyn himayəsindən məhrum olmuş uşaqların da, şəhid ailəsinə mənsub uşaqların da özəl, bələdiyyə, dövlət təhsil müəssisələrində təhsil haqlarının dövlət tərəfindən ödənildiyi göstərilir. Biz isə bu qanunda deyirik ki, yalnız dövlət təhsil müəssisəsində təhsil haqlarını ödəməkdən azaddırlar. Belə çıxır ki, biz cənab Prezidentin sərəncamından geriyə addım atmış oluruq. Ümumiyyətlə, “Təhsil haqqında” Qanunda isə şəhid övladlarının təhsili ilə bağlı heç bir müddəa yoxdur. Buna görə hesab edirəm ki, hər üç qanun cənab Prezidentin sərəncamına uyğunlaşdırılmalıdır. Həm 23 yaş məhdudiyyəti aradan götürülməlidir, həm də dövlət hesabına oxumaq müddəası özəl, bələdiyyə və dövlət müəssisələrinə də şamil edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Hər üç qanun layihəsini dəstəkləyirəm və hesab edirəm ki, bunların hər biri Azərbaycanda şəhid ailələrinə və valideynlərini itirmiş uşaqlara dövlət qayğısının bir daha artırılmasıdır.
Mən də bir ciddi məsləyə toxunmaq istəyirəm. Şəhid ailələri bu məsələ ilə bağlı vaxtaşırı mənə də müraciət edirlər. Bu, şəhid ailələrinə dövlət tərəfindən verilən müavinət məsələsidir. Vaxtı ilə bu rəqəm 10 min manat həcmində müəyyənləşdirilibdir. Ola bilsin ki, həmin vaxt bu əhəmiyyətli bir rəqəm idi. Amma indiki dövrdə bu elə də böyük bir pul deyil. Nəzərə alsaq ki, şəhid ailəli olduqda bu pul 2 tərəf arasında, həm şəhidin valideynləri, həm də ailəsi arasında bölünür, onda həmin pul 1–2 il ərzində sərf olunub gedir.
Mən hesab edirəm ki, büdcəmizdə kifayət qədər imkan var və ona görə şəhid ailələrinə verilən müavinəti 10 dəfə artırıb 100 min manata çatdırmaq lazımdır. İl ərzində bizim təxminən 10 nəfər şəhidimiz olur. Ona görə də təklif edirəm ki, Maliyyə Nazirliyində xüsusi olaraq 10 milyon manatlıq büdcə yaradılsın və şəhid ailəsinə 100 min manat müavinət ayrılsın. Bu 100 min manatı o nəyə sərf edəcək? Torpaq alacaq, yoxsa bankda depozit kimi saxlayacaq – bu artıq onun öz işidir. Hesab edirəm ki, dövlətimiz, müstəqillik üçün canını qoymuş insana bu xidməti göstərə bilər. Mən onsuz da bu təklifi büdcənin müzakirəsində edəcəkdim. İndi ona görə çıxış edirəm ki, qoy Maliyyə Nazirliyi bu təkliflə bizə çıxsın. Çox istərdim ki, büdcənin müzakirəsində deputat həmkarlarım da bu təklifi müdafiə etsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, təbii ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini dəstəkləyirəm və ona səs verəcəyəm. İstərdim ki, burada şəhid ailələrini narahat edən 2 məsələni nəzərinizə çatdırım. Birinci məsələ ondan ibarətdir ki, aprel hadisələri zamanı biz çoxlu şəhid verdik və həmin şəhid ailələri heç bir çətinlik hiss etmədilər. Dövlət rəhbərliyi, aidiyyəti qurumlar tərəfindən çox güclü iş aparıldı ki, şəhid ailələri heç bir əziyyət çəkməsinlər. Dövlət bütün məsuliyyəti öz üzərinə götürdü.
Ancaq deməliyəm ki, birdəfəlik ödənilən müavinətlər heç də onların əzizlərini qane etmir. Şəhidin 40-ı çıxana qədər onlara rayon icra hakimiyyəti başçıları tərəfindən müəyyən diqqət göstərilir. Ancaq əfsuslar olsun ki, sonra bəzi rayonların icra hakimiyyətinin başçıları həmin şəhid ailələrinə əziyyət verir, onları, hətta qəbul etmirlər. Onun üçün də istərdim ki, şəhid ailələrinə diqqət və qayğı yalnız şəhid dünyasını dəyişən vaxtı yox, həmişə göstərilsin.
İkinci bir məsələ. Dövlət, müəyyən icra hakimiyyəti tərəfindən təyin olunmuş müavinətlərin verilməsi ilə bağlı tez-tez dəyişikliklərin edilməsini istərdim. Ona görə ki, son zamanlar, manatın devalivasiyaya uğramasından sonra, məsələn, nəqliyyat vasitələrinin sahibləri ürəkləri istəyəndə gediş haqqını qaldırırlar. Belə olan halda bu müavinətlər onlara bəs etmir. Ona görə də istərdim, bunlara müəyyən kartlar verilsin. O kartlar pul əvəzi kimi nəzərdə tutulsun və onlar ürəkləri istəyəndə getsinlər, ürəkləri istəyəndə gəlsinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sədaqət Vəliyeva.
S.Vəliyeva. Çox sağ olun, hörmətli Ziyafət müəllim, söz verdiyinizə görə təşəkkür edirəm. Qanun layihələrinə səs verəcəyəm, onları dəstəkləyirəm. Qeyd etmək istəyirəm ki, cəmiyyətimizin həssas üzvləri olan şəhid ailələrinə təhsil sahəsində müəyyən güzəştlərin edilməsi, eyni zamanda, valideyn himayəsindən məhrum olmuş uşaqlara dövlət qayğısının artırılması ancaq alqışlanmalı haldır. Cənab Prezident İlham Əliyevin bu istiqamətdə göstəriş və tapşırıqları bir daha şəhid ailələrinə, valideyn himayəsindən məhrum olan uşaqlara dövlət qayğısının yüksək səviyyədə olduğunu göstərir.
Şəhid ailələrinə hörmət etmək hər birimizin borcudur. Ancaq bəzən görürük ki, kimlərsə bilməyərəkdən şəhidin ailə üzvlərinə münasibətdə səhvlərə yol verirlər. Bəzi şikayətlərə əsaslanaraq demək istəyirəm ki, hər kəs şəhid adının əbədiləşdirilməsi işlərinə kömək etməlidir. Axı, həmin şəhidlərin ataları, anaları, yaxınları və qohumları onların adlarının əbədiləşdirilməsi üçün layihələşdirilmiş işlərdən təskinlik tapırlar.
Bəzən görürük ki, abadlıq aparılan yerlərdə bilməyərəkdən, yaxud ehtiyatsızlıq üzündən şəhidin adına qoyulan abidənin, yaxud da bulağın üstünü dağıdırlar. Əgər məqsəd şəhidin xatirəsini əbədiləşdirilməsi üçün düzəldilmiş barelyefin, bulağın və ya büstün yerinin dəyişdirilməsidirsə, o zaman bu, məlumatlandırılmalı və çox ehtiyatla həyata keçirilməlidir. Daha buldozerin qabağına verib oranı dağıtmaq lazım deyil. Belə bir hadisə, sözün həqiqi mənasında, narahatlığa səbəb ola bilər. Mən çox arzu edərdim ki, hamı cənab Prezident kimi şəhid ailələrinə diqqət və hörmətlə yanaşsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Qasımlı.
M.Qasımlı. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Valideynini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında” və “Təhsil haqqında” qanunlara cənab Prezidentimiz tərəfindən təqdim edilən dəyişiklikləri müdafiə edirəm və onlara səs verəcəyəm. Bu dəyişikliklər bir daha göstərir ki, dövlətimiz xüsusi qayğıya ehtiyacı olanlara diqqəti dövlət siyasətinin əsas xəttinə çevirib və bu dəyişikliklər dövlətimizin sosial siyasətinin mahiyyətini bir daha ortaya qoyur. Bu, dövlət qayğısının təzahürüdür.
İkincisi, bu dəyişikliklər istedadı olan, lakin təhsil almağa maddi imkanları olmayan gənclər üçün geniş bir yol açacaq, təhsilimizin inkişafına kömək edəcək, xüsusilə Milli Elmlər Akademiyasında magistratura təhsilinə yardımçı olacaqdır.
Hörmətli Ziyafət müəllim, hesab edirəm ki, bu dəyişikliklər mütləq bizim kütləvi informasiya vasitələrində geniş təbliğ olunmalı və ictimaiyyətə çatdırılmalıdır. Qanun layihələrinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov.
E.Məmmədov. Sağ olun, Ziyafət müəllim. Mən bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Bunlardan birincisi, qanunda yaş həddi göstərilir – 18–23 yaşa qədər. İndi ola bilər, mən bunu səhv başa düşürəm, ancaq burada bir ziddiyyət meydana çıxır. Belə çıxır ki, şəhid övladı əgər təhsil alırsa, o, 23 yaşına qədər şəhid ailəsi statusuna malik olur. Təhsil almırsa, 18 yaşında bu statusdan məhrum olur. Mənə belə gəlir ki, burada müəyyən mənada haqsızlıq, ədalətsizlik var. Bu şəhid balasıdır, biz onu niyə şəhid ailəsi statusundan məhrum edirik? Bu məsələnin bir tərəfi.
İkinci, hörmətli Ziyafət müəllim, hörmətli Musa müəllim də bu məsələyə toxundu, mən də deyirəm ki, şəhid övladları tabeliyindən asılı olmayaraq, ümumiyyətlə, bütün təhsil müəssisələrində təhsil haqqından azad olunmalıdırlar. Maraqlı bir məqama aydınlıq gətirmək istəyirəm. Bizim, əsasən, 1994-cü ilə qədər şəhidlərimiz çox olub. 1994-cü ildə anadan olan şəhid övladının bu gün artıq 22 yaşı var. Yəni 1994-cü ildən sonra şəhidlərimizin sayı az olub. Ona görə də təhsil alan şəhid övladlarının sayı bir neçə yüz nəfər ola, ya olmaz. Yəni bunlar az olduğu üçün onlara bundan da artıq güzəştlər şamil olunmalıdır. Bundan sonra heç şəhidlərimiz olmasın, ancaq şəhid övladlarının yaşı artıq 22-ni, 23-ü, hətta 25-i keçibdir. Onlar artıq bizim bu qanunlara görə şəhid ailəsi statusunu itiriblər. Ona görə bu şəhid ailələri, şəhid övladları həmişə narazılıq edirlər.
Üçüncü bir məqama toxunacağam. Xocalı soyqırımı zamanı şəhid olmuş xocalıların əksəriyyətinin məzarları Ağdam rayonunun ərazisindədir. Ağdam rayonu da işğal altındadır. Yəni Xocalı şəhidlərinin məzarları da işğal altındadır. 12 nəfər şəhidimizin məzarı Şəhidlər Xiyabanında, təxminən 50-yə yaxın şəhidimizin məzarları da Azərbaycanın müxtəlif rayonlarındadır. Hansı şəhid məzarı ki, rayon mərkəzindədir, ona baxılır. Hansı şəhidimizin məzarı rayon mərkəzindən kənardadırsa, ona rayon rəhbərliyi tərəfindən baxım yoxdur. 1992–1993-cü illərdə o məzarların üstü primitiv qaydada, elə-belə, “xala xətrin qalmasın” deyə götürülübdür. Şəhid məzarları bu gün baxımsız, pis vəziyyətdədir. Bununla bağlı həmin rayonların rəhbərlərinə dəfələrlə müraciət etməyimizə baxmayaraq, hələ də faydasını görə bilmirik.
Hörmətli Ziyafət müəllim, mən fürsətdən istifadə edərək deyirəm, hörmətli cənab Prezidentimiz həmişə şəhidlərimizi çox hörmətlə anır və şəhid ailələri diqqət mərkəzindədirlər. Ancaq yerlərdə laqeydlik çoxdur. Bu ailələrin mənzillə, torpaqla təmin olunması, sahibkarlıq fəaliyyəti ilə məşğul olmalarına kömək göstərilməsi ilə bağlı problemlər çoxdur.
Bir də, mən çox arzu edərdim ki, bizim bu sahə ilə məşğul olan komitəmiz və başqa müvafiq dövlət qurumları şəhid adının əbədiləşdirilməsi məsələlər isə diqqət yetirdikləri kimi, bizim bu gün çalışıb, bütün dünyaya tanıtmaq istədiyimiz Xocalı soyqırımı ilə bağlı müəyyən qanunların qəbul olunmasını gündəmə gətirməlidirlər. Soyqırıma məruz qalmış insanlara müəyyən imtiyazlar verilməsi ilə bağlı məsələləri gündəmə çıxarmalıyıq. Mən bir neçə dəfə bu məsələyə toxunmuşam, axı, biz istəyirik ki, bütün dünya ermənilərin Azərbaycan xalqının başına gətirdiyi Xocalı soyqırımını tanısın. Biz nəyə görə bu günə qədər Xocalı şəhərinə soyqırıma məruz qalmış şəhər statusu vermirik? Soyqırıma məruz qalmış Xocalı sakinlərinə nəyə görə soyqırıma məruz qalmış şəxs, – hüquqi cəhətdən bu başqa cür formalaşdırıla bilər, – statusu vermirik? Bu, məsələnin madiyyatı bizi bir xalq, bir dövlət kimi maraqlandırmamalıdır. Bizi bunun siyasi, mənəvi tərəfləri maraqlandırmalıdır. Bu məsələlərə baxılmasını mən məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Doğrudan da, burada müzakirə etdiyimiz dəyişikliklər çox aktualdır və hər bir insanı narahat edən təkliflərdir. Gündəlikdə müzakirə olunan məsələyə aid olmasa da, ümumilikdə burada bütün millət vəkillərinin şəhid ailələrinə, müharibə veteranlarına, Xocalı soyqırımına məruz qalmış insanlara qarşı diqqətli olmaları həmişə vacibdir və belə fikirlərin söylənilməsi, onların hüquqlarının müdafiə olunması zəruridir. Başda Prezidentimiz olmaqla biz bunların hamısının mütəmadi şahidi oluruq.
Mən bizim komitəyə daxil olan bir məsələ ilə əlaqədar fikrimi bildirmək istəyirəm. İctimai birliklərin bir çoxu bizə müraciət edib. Bu, Əfqanıstan müharibəsi veteranları və Qarabağ müharibəsi veteranları ilə bağlıdır. Hərc-mərclik dövründə, həqiqətən, döyüşən şəxslər bu gün veteran vəsiqəsi ala bilmirlər. Elə şəxslər də var ki, heç döyüş bölgəsində olmayıb, amma ona veteran vəsiqəsi veriblər. Bu gün elə bir vəziyyət yaranıb ki, haqlı olan öz haqqını ala bilmir, haqqı olmayan o birinin haqqını alır. Onlara ayrılan güzəştlər, mənzillərin verilməsi və digər məsələlər ciddi şəkildə araşdırılmalıdır.
Mən hörmətli Səlim müəllimlə də bu məsələ ilə bağlı danışdım. Onlar pensiyaya çıxanda 50 manat müavinətləri dayandırılır. Dedim ki, bunu hansısa formada bərpa edək. Müəllim və ya həkim işləyirsə, 50 manat müavinət alır, pensiyaya çıxanda isə 50 manat kəsilir, bunlar bərpa olunsun. Bizim müharibə veteranlarının sayı ilə bağlı elə bir rəqəm söylədi ki, inanılmaz dərəcədə çoxdur. Mən o rəqəmi açıqlamaq istəmirəm. Yenə deyirəm, döyüş bölgəsində olan, qəhrəmancasına vuruşan insanlar bu gün onu ala bilmirlər. Eləsi də var ki, heç sərhəd bölgəsindən o biri tərəfə keçməyib, amma cibində vəsiqə gəzdirir. Hər yerdə də birinci öz hüquqlarını tələb edir və sair. Bu məsələni də gələcəkdə Hadi müəllimlə bir yerdə müzakirə etməliyik ki, hər kəs öz haqqını ala bilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov
F.Muradov. Təşəkkür edirəm, Ziyafət müəllim. Çox vacib bir məsələni müzakirə edirik. Təbii ki, bu məsələlərə dövlət, cənab Prezident tərəfindən çox böyük diqqət və qayğı var. Aprel döyüşlərindən sonra gördük ki, cəmiyyətimizdə onlara böyük bir dəstək var. Bunların hamısı dövlətin düzgün siyasəti nəticəsində həyata keçirilən tədbirlərdir və biz bunları dəstəkləyirik. Təbii ki, qanunvericilik istiqamətində də bu gün bir çox məsələlər həll olunur. Dünyanın bir çox ölkəsində belə problemlər mövcuddur, amma Azərbaycan bu istiqamətdə örnəkdir. Biz şəhidlərimizi heç vaxt unutmuruq. Onların valideynlərinə, övladlarına – ailələrinə cəmiyyət tərəfindən çox böyük qayğı var.
Elman müəllim burada vurğuladı. Ziyafət müəllim, icazə versəniz, bu məsələyə qısaca toxunardım. Bizim Xocalıdan olan 26 gəncimiz var. Onların nə atası, nə də anası var. Çoxunun yaxın qohumları da yoxdur. Mən buradan Heydər Əliyev Fonduna çox təşəkkür edirəm ki, onların bir çox məsələləri həll olunub.
Sadəcə olaraq, Xocalı soyqırımının dünyaya çatdırılması istiqamətində görülən işlər çox böyük siyasi əhəmiyyət daşıyır. Burada da vurğulandı, bu baxımdan onlarla bağlı biz ayrıca bir mexanizm fikirləşməliyik. Dünya təcrübəsində də soyqırımlar həyata keçirilən şəhər və insanlarla bağlı xüsusi yanaşma var. Bununla bağlı işlər gedir. Səlim müəllimə müraciət olunub və mən bilirəm ki, Hadi müəllim də bu məsələnin içərisindədir. Eyni zamanda, ötən illər ərzində çalışmışıq ki, Xocalı soyqırımını müxtəlif parlamentlər tanısın, bu hadisəyə yanaşmalar dəyişsin. Bu gün buna nail olunub. Ona görə mən çox xahiş edərdim, Hadi müəllimlə bu məsələyə baxaq.
Siyavuş müəllim də bayaq çox ciddi məsələlərə toxundu. Bu məsələlərlə bağlı cəmiyyətin razılığı, ölkə rəhbərliyinin siyasi iradəsi ortalıqdadır. Bizim qeyri-hökumət təşkilatları bu işdə çox fəaldırlar. Parlament üzvləri hər zaman şəhid ailələrinə çox böyük diqqət yetirir, onların xeyir-şər işlərində yaxından iştirak edirlər.
Burada xeyli müsbət məsələlər var ki, onları mütləq şəkildə demək lazımdır. Biz bəzən bunları demirik, amma hansısa bir sarı mətbuat yazır ki, filan şəhid ailəsinə hörmətsizlik etdilər və sair. Bu gün cəmiyyət də, dövlət də birmənalı olaraq şəhid ailəsinə böyük qayğı göstərir. Təbii ki, hüquqi mexanizmlər var, biz bu gün onlara baxırıq. Əgər yaxşı, məntiqli təklif varsa, biz bunu da nəzərdən keçiririk.
Mən həmkarlarımla razıyam. Xocalı məsələsinə xüsusi diqqət, xüsusi yanaşma olmalıdır. İndi ola bilsin ki, bəzi büdcə məsələləri var, biz onlarla bağlı müzakirələr aparırıq. Çox yaxşı olar ki, biz həm də uşaqların gələcək statusları ilə bağlı xüsusi bir təşəbbüs irəli sürək. Eyni zamanda, Xocalı şəhəri ilə bağlı da bu, mütləq şəkildə olmalıdır, çünki bizdən soruşurlar ki, bu status nədir, sizin buna yanaşmanız necədir? Təbii ki, biz çalışırıq, bunu məntiqi şəkildə cavablandıraq, amma qanunvericilikdə də bu öz əksini tapmalıdır. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.Quliyev. Sağ olun. Ziyafət müəllim, mən bayaq çıxışımda da dedim və istəyirəm, Siz Azərbaycanın gözəl hüquqşünaslarından biri kimi bu suala cavab verəsiniz. Cənab Prezidentin 2014-cü il 18 mart tarixli sərəncamı bu gün qüvvədədir. O sərəncamda yaş məhdudiyyəti yoxdur və şəhid ailələrin övladları həm dövlət, həm bələdiyyəyə, həm də özəl ali təhsil müəssisələrində bakalavr və magistr səviyyəsində təhsil haqqından azad olunurlar. Biz ondan 2 il sonra qanun qəbul edirik və burada “dövlət” və “bələdiyyə” sözləri yoxdur. Bir də, burada yaş məhdudiyyəti var. Bu qanunu da, təbii ki cənab Prezident imzalayacaq. Cənab Prezidentin imzaladığı iki sənəd arasında ziddiyyət yaranmırmı? Belədirsə, biz niyə bu qanunun cənab Prezidentin sərəncamına uyğun olaraq qəbul etmirik? Təşəkkür edirəm.
Sədrlik edən. Bir dəqiqə, üzr istəyirəm. Hadi müəllim, buyurun, deyilən məsələlərə münasibət bildirin.
H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Bu gün müzakirə olunan mövzu, əslində “Təhsil haqqında” Qanuna edilən dəyişikliyə uyğun olaraq bu biri qanunda düzəlişin aparılmasıdır. Bu, hüquqi mexanizmdir, texniki baxımdan icradır.
Burada səslənən bütün fikirlərə çox böyük hörmətlə yanaşıram və bu fikirlər daim deputat həmkarlarımın diqqət mərkəzindədir. Mən bəzi məsələləri yada salmaq istəyirəm. Əgər yadınıza gəlirsə, bizim Qarabağ əlilləri adi əlillər kimi müavinət alırdılar. Sonradan möhtərəm Prezident bizim səsləndirdiyimiz fikirlərə münasibət bildirdi və Qarabağ əlilləri ikinci Prezident müavinəti də aldılar. Onlar o biri əlillərə nisbətən 2 dəfə çox müavinət almağa başladılar.
Digər məsələ. Mənzil növbəsində duran Qarabağ əlili dünyasını dəyişərdisə, onu mənzil növbəsindən çıxarırdılar. Belə bir uyğunsuzluq var idi. Sonradan bu məsələyə qoşulduq, bu da öz həllini tapdı.
Yadınıza gəlirsə, biz təhsil haqqı məsələsini qaldırdıq. Zaman-zaman bu məsələ müzakirə olundu. İlk növbədə dövlət təhsil müəssisələrində oxuyanları təhsil haqqından azad elədik. Sonra möhtərəm Prezidentimizin xüsusi sərəncamı ilə büdcə vəsaiti hesabına özəl təhsil müəssisələrində oxuyanların da təhsil haqqı ödənildi. Burada edilən dəyişiklik həmin maddəyə dəyişiklik olmadığına görə o müddəa, o qanun qüvvədə qalır. Bu dəyişikliyin mahiyyəti odur ki, həmin o qrup insanlara, eyni zamanda, Milli Elmlər Akademiyasının təhsil müəssisələrində oxuyanlar da aid edilir.
Bizim deputatların fikirləri sonradan öz həllini tapıb və zaman-zaman icra olunub. Məsələn, bir məsələni deyim. Veteranlarla bağlı xüsusi tapşırıq oldu. İstədik ki, döyüşən veteranla orada iştirak edən veteranın fərqini ayırd edək. Adam var gedib, döyüşüb, onu Allah qoruyub, yaralanmayıb, əlil olmayıb, sağ-salamatdır. Ona da veteran adı veririk, məsələn, çox üzr istəyirəm, jurnalistə də, nə bilim, gedib ora çıxan başqa adama da bu adı vermişik. Onlar da, əlbəttə, ölümlə üzbəüz qalıblar. Bu fərqi müəyyənləşdirmək çətin oldu və bayaq deyilən kimi, burada böyük bir say öz əksini tapıb. Bütövlükdə, Ziyafət müəllim, mən də düşünürəm ki, bütün bu məsələləri ümumiləşdirərik. Yoldaşlarla bir yerdə çalışarıq ki, o məsələlər də zaman-zaman gündəmə gəlsin. Bütövlükdə mən bu dəyişikliyə razılıq verdikləri üçün deputat həmkarlarıma minnətdaram. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.35 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş uşaqların sosial müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.
Səsvermənin nəticələri (saat 13.36 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
H.Rəcəbli. Minnətdaram, Ziyafət müəllim. Burada çox qısa bir dəyişiklik var. 211-ci maddənin birinci bəndində “peşə və vəzifələrin” sözləri götürülür. Bu, əslində, bürokratik bir element kimi mövcud idi və biz onu götürməklə sosial müdafiəni bir az da gücləndiririk. Beləliklə, o qrup insanların, demək olar ki, hamısı peşə və vəzifələrindən asılı olmayaraq həmin o dediyimiz sosial müdafiə ilə əhatə edilir. Yəni onlara müalicə-profilaktik yeməklərin, süd və ona bərabər tutulan məhsulların verilməsi təmin olunur. Bütövlükdə bu, sosial müdafiəni gücləndirən elementdir.
Sədrlik edən. Aydındır, çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.38 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi. Komitə sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim! Burada “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 20.3-cü maddəsinə “verməli, habelə təhrif olunmuş və ya yanlış məlumat verməməlidir” sözləri əlavə olunur. Bu da yoxlamaların nəticələri barədə məsuliyyətin artırılması ilə əlaqədardır. Ona görə, millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.40 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Komitə sədri Əli Hüseynli. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. İnzibati Xətalar Məcəlləsinə edilən bu dəyişiklik indi Ziyad müəllimin etdiyi məruzədən irəli gəlir, yəni bir paket şəklindədir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsi “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında qanunvericiliyin pozulması” maddəsidir. Bu maddədə “verilməməsinə və” sözləri “verilməməsinə, təhrif olunmuş, yanlış məlumatın verilməsinə və ya” sözləri ilə əvəz edilsin. Çox sağ olun.
Sədrlik edən. Buyurun, nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Münasibət bildirək.

Səsvermənin  nəticələri (saat 13.41 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirənizə çıxarılır. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə sizlərə təqdim olunan qanun layihəsi “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2015-ci il 20 oktyabr tarixli 1381–IV QD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Yəni bu qanunun 6.3-cü maddəsi ləğv edilir. 6-cı maddə isə belə adlanır: “Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı sənədlərin verilməsi, habelə girovun dövlət qeydiyyatına alınması üçün dövlət rüsumu”. Ona görə, millət vəkillərindən xahiş edərdim ki, uyğunlaşdırma ilə əlaqədar olduğu üçün bu qanun layihəsinə səs verək.
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.43 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ – 12-ci və 13-cü məsələlər bir paketdə daxil olub. “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” və “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihələri. Hər iki qanun layihəsi barədə komitə sədri Ziyad Səmədzadə məlumat verəcək. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim! “Azərbaycan Respublikası Mərkəzi Bankı haqqında” Qanuna 5.0.8-1-ci maddə əlavə edilib. Maddənin məzmunu ondan ibarətdir ki, Mərkəzi Bank “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Əmanətlərin Sığortalanması Fonduna dövlətin zəmanəti ilə təmin olunmuş kreditlər verə bilər. Bu fikir, eyni zamanda, “Dövlət borcu haqqında” Qanunda da öz əksini tapmışdır. Ona görə, millət vəkillərindən xahiş edərdim ki, hər iki qanun layihəsinə ayrı-ayrılıqda səs versinlər.
Sədrlik edən. Aydındır. Xahiş edirəm, 12-ci məsələyə – “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə  89
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
13-cü məsələyə, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
14-cü məsələ Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, 14, 15 və 16-cı məsələlər bir məktubla gəlib. Çox vacib məsələlərdir. Arayış hörmətli millət vəkillərinə təqdim olunub. Mən onun üzərində bir daha dayanmaq istəmirəm, sadəcə, qısaca bir izahat verəcəyəm. Hər 3 məsələ Azərbaycan vətəndaşları üçün böyük əhəmiyyət kəsb eləyən məsələdir. Bildiyiniz kimi, Şəhərsalma və Tikinti Məcəlləsi mövcuddur. Zamanında parlamentdə yaradılmış işçi qrupu da məcəllənin üzərində ciddi çalışmışdı. O zaman məcəllə qəbul olunarkən vətəndaşlarımızı maraqlandıran ən vacib maddə 80-ci maddə idi, yəni Məlumatlandırma icraatı. Belə ki, həmin maddəyə görə mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan yaşayış evlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilirdi. Bu, çox yaxşı bir norma idi. Amma onu da bilirik ki, bir sıra hallarda, – indi deyə bilmərəm, hər zaman və ya az-çox, – Şəhərsalma və Tikinti Məcəlləsinin bu maddəsi yerlərdə düzgün tətbiq olunmurdu. Bunun, əlbəttə, subyektiv səbəbləri var idi, amma mən obyektiv səbəblər haqqında demək istəyirəm ki, 80-ci maddənin tam dəqiq olmaması da bunun üçün şərait yaradırdı.
İndi cənab Prezident tərəfindən təqdim olunmuş bu layihə tikintinin məlumatlandırma icraatı ilə bağlı həyata keçirilməsinin tam dəqiq çərçivələrini müəyyən edir. Mən onu qısaca diqqətinizə çatdırmaq istəyirəm. Beləliklə, tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Yəni əvvəl memarlıq planlaşdırma bölməsi deyilirdi, indi isə daha konkret göstərilir ki, nə təqdim olunmalıdır. İndiyədək mövcud olan variantda sifarişçi tikintiyə başlamadan əvvəl qeyd olunduğu kimi, tikinti niyyəti barədə məlumat verirdi, bundan başqa bir sənəd təqdim etmirdi. Torpaq üzərində mülkiyyət, ticarət və ya istifadə hüququnu təsbit edən sənədlərin təqdim olunmaması bir sıra hallarda müvafiq orqana sui-istifadə üçün şərait yaradırdı, yəni rədd cavabı verilirdi, çünki sənədlər təqdim olunmurdu. İndi isə təklif olunur ki, sifarişçi həm də bu sənədləri təqdim etsin. Bu sənədlər olmadan, ümumiyyətlə, tikintidən söhbət gedə bilməz. Torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə ilə bağlı əvvəl ümumilikdə müddət bir ay müəyyən olunmuşdu, yəni bir ay müddətində layihəyə dair irad bildirilmirdisə, onda, deməli, məlumatlandırma icraatı başa çatıb. Bizim layihədə belə idi ki, rədd cavabı verilmədisə, deməli, qəbul olunub. İndi bu bir ay müddəti 10 gün müddətinə qədər, yəni 3 dəfə endirilir. Ümumiyyətlə, plan mövcud deyilsə, onda 1 ay müddəti götürülür. Sənədlər tam mövcuddursa, o halda müddət qısaldılmış olur.
Nəhayət, 80.6-cı maddə də çox vacibdir. Müvafiq icra hakimiyyəti orqanının üzərinə belə bir vəzifə qoyulur ki, o, 80.4-cü maddədə müəyyən edilən müddətlər bitdiyi gündən 3 iş günü ərzində tikinti layihəsi barədə müvafiq məlumatı Tikintilərin dövlət reyestrinə təqdim etsin. Yəni müvafiq dövlət nümayəndəsinin üzərinə vəzifə qoyulur ki, bu məlumatlar reyestrə göndərilsin. Çünki hazırda qarşıda duran vəzifə bütün tikintilərin dövlət reyestrinin həyata keçirilməsidir. Artıq Tikintilərin dövlət reyestri 2015-ci il 2 yanvar tarixli sərəncam ilə Nazirlər Kabinetinin yanında yaradılıb. Bu barədə məlumatınız var. Şəhərsalma və Tikinti Məcəlləsi ilə bağlı bu qədər.
İnzibati Xətalar Məcəlləsində Tikintilərin dövlət reyestrinin aparılması qaydalarının pozulması ilə bağlı məsuliyyət nəzərdə tutulur. Əgər müvafiq icra hakimiyyəti, vəzifəli şəxs bunu həyata keçirmirsə, yəni öz vəzifə borcunu yerinə yetirmirsə, – bu ancaq vəzifəli şəxslərə aiddir, – onda müəyyən miqdarda cərimə cəzası nəzərdə tutulur.
Hörmətli Ziyafət müəllim, paketdə olan növbəti məsələ barədə hörmətli Ziyad Səmədzadə məlumat verəcək. Qısaca onu demək istəyirəm ki, daşınmaz əmlakla bağlı olan məsələ də artıq etdiyimiz dəyişiklikdən irəli gəlir və o, çox fundamental bir dəyişiklikdir. Əgər tikili 2013-cü il yanvar ayının birinədək inşa edilibsə, bu evlərlə bağlı hər hansı bir sərəncam yoxdur və buna ehtiyac da yoxdur. Yəni torpaq sahəsi üzərində icarə və istifadə hüququnu təsbit edən sənəd təqdim olunursa, bu evlər dövlət qeydiyyatına alınacaqdır. Yəni demək istəyirəm ki, Ziyafət müəllim, bu, çox ciddi bir məsələdir və cənab Prezidentin tapşırığı ilə həyata keçirilir. Bilirsiniz ki, həm Abşeronda, həm də ümumiyyətlə, Azərbaycan ərazisində torpaq sənədləri olan, amma sərəncamları olmayan və buna görə də qeydiyyatı olmayan, reyestrə düşməmiş, mən deyərdim, minlərlə ev mövcuddur. Daşınmaz əmlakın dövlət reyestrinə edilən dəyişiklik 2013-cü il yanvar ayının 1-nə qədər inşa edilmiş yaşayış evləri ilə bağlı qeydiyyat məsələsini birdəfəlik həll etmiş olacaq. Bu baxımdan, hesab edirəm ki, bu layihələr çox mütərəqqi layihələrdir və əminəm ki, onlar qüvvəyə mindikdən sonra icraları ilə bağlı sürətli işlər həyata keçiriləcəkdir. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O.Əsədov  sədrlik  edir

Sədrlik edən. Ziyad müəllim, sözünüz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
15-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.52 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  91
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.53 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 17-ci məsələ “Dövlət rüsumu haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, bu qanun layihəsi “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 15 mart tarixli Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Bilirsiniz ki, biz bu yaxınlarda Milli Məclisdə “Tik, idarə et, təhvil ver” modelini qəbul etmişik. Bununla əlaqədar olaraq “Dövlət rüsumu haqqında” Qanuna 3.3-cü maddə əlavə edilir: “İnvestisiya layihələrini “Tik, idarə et, təhvil ver” modelinə uyğun həyata keçirən investorlar “Tikinti və infrastruktur obyektləri ilə əlaqədar investisiya layihələrinin xüsusi maliyyələşmə əsasında həyata keçirilməsi haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirdikləri fəaliyyətlə bağlı dövlət rüsumlarını ödəməkdən azaddırlar”. Bu, son dərəcə mütərəqqi bir addımdır. Hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi Azərbaycanda investisiya mühitinin daha da yaxşılaşdırılmasına imkan yaradacaq. Millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.55 dəq.)
Lehinə  92
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 18-ci məsələ “Büdcə sistemi haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, biz büdcə sistemi haqqında çox dəyərli bir qanun qəbul etmişik. Bu qanunun fəaliyyəti və icrası nəticəsində Azərbaycanın maliyyə sistemi xeyli dərəcədə təkmilləşmiş, büdcə sisteminin beynəlxalq standartlara uyğun olaraq aparılması istiqamətində mühüm addımlar atılmışdır. Təklif edilən dəyişikliklər yenidən məsuliyyətin artırılması ilə əlaqədardır və bütövlükdə bu dəyişikliklər müəyyən sözlərin əlavə edilməsindən ibarətdir. Yəni burada “çatdırılmamasına görə” sözləri əlavə edilir. Əvvəlki qanun layihəsində “çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar” idi. İndi isə təklif edilir ki, həmin sözlər “çatdırılmamasına görə” sözləri ilə əvəz edilsin. Eyni zamanda, 21-ci maddədə də “qanunvericilikdə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar” sözləri “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq məsuliyyət daşıyırlar” sözləri ilə əvəz edilir. Hesab edirəm ki, bu texniki dəyişikliklərin bilavasitə nəzərə alınması “Büdcə sistemi haqqında” Qanunun daha səmərəli icrası üçün lazımdır. Ona görə, millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Aydın Hüseynov buyursun.
A.Hüseynov. Hörmətli cənab Sədr və hörmətli millət vəkilləri! Bu qanun layihəsi komitəmizdə çox geniş müzakirə olunub. Bu fikirləri orada desəydim daha yaxşı olardı, ancaq icazə verin, burada səsləndirim. “Büdcə sistemi haqqında” Qanunun 5.3-cü maddəsində aşağıdakı şəkildə dəyişiklik təklif olunur. Burada “vəzifəli şəxslər” sözlərində onların ranqını müəyyənləşdirsək, daha gözəl olar. Çünki məqsədli büdcə fondları formalaşarkən, sözsüz, burada həmin şəxslər iştirak edirlər və eyni zamanda, bu xərclərin həyata keçirilməsində də onların iştirakı vacib hesab olunur.
Bir də 17.4-cü maddəyə baxaq: “Dövlət büdcəsi xərclərinin təşkilatlar üzrə bölgüsündə nəzərdə tutulmuş ayırmaların müəyyən olunmuş müddətdə büdcə təşkilatlarına çatdırılmasına görə müvafiq icra hakimiyyəti orqanlarının rəhbərləri məsuliyyət daşıyırlar”. Burada elə bir hal baş verə bilər ki, məsələn, büdcənin gəlirlərində hər hansı bir gərginlik ola bilər. Büdcənin gəlirlərində digər amillər də ola bilər və bu, vaxtında çatdırıla bilməz. Onda yaxşı olar ki, burada istisna hal da qeyd olunsun.
Maddə 27-də büdcədənkənar dövlət fondlarının xərclənməsi ilə bağlı məsuliyyət nəzərdə tutulur. Ümumiyyətlə, büdcə və büdcədənkənar fondlar artıq eyni mahiyyət daşıyır. Çünki büdcədənkənar fondların özləri büdcə resursları hesabına formalaşır. Ona görə də yaxşı olar ki, büdcədənkənar fondların da xərclənməsinə görə məsuliyyət belə adda getsin. Onsuz da büdcədənkənar fondların xərcləri icmal büdcədə öz əksini tapır. Yəni “büdcə və büdcədənkənar fondlar” əvəzinə “icmal büdcə” getsin. Mən bunu təklif edirəm, sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təkliflər yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 13.59 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  90
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 2 məsələ – 19 və 20-ci məsələlər bir zərflə gəlib. “Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında”, eləcə də “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” qanunlarda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun, ikisini də bir yerdə təqdim edin.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bilirsiniz ki, birinci qanun layihəsi “Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il 6 may tarixli Qanununun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Buna müvafiq olaraq təqdim edilən qanun layihəsində aşağıdakı dəyişikliklərin edilməsi nəzərdə tutulur. Qanunun 5.1-ci maddəsində yazılıb: “Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəəti, yerli əhəmiyyətli tikinti materialları, fiziki şəxslərin əmlakı (tikililər və onların hissələri, avtomobil və özüyeriyən təkərli texnika, su və hava nəqliyyatı vasitələri), habelə fiziki şəxslərin istifadəsində və (yaxud) mülkiyyətində olan torpaq sahələri müvafiq bələdiyyə vergilərinin vergitutma obyektidir”. Təklif olunur ki, “habelə” sözündən sonra “Azərbaycan Respublikası Vergi Məcəlləsinin 206.1-1-ci və 206.3-cü maddələrində nəzərdə tutulmuş hallarda” sözləri əlavə edilsin. Bu dəyişikliklər hər iki qanun layihəsində nəzərdə tutulur. Millət vəkillərindən xahiş edərdim ki, bu məsələlərə öz münasibətlərini bildirsinlər.
Sədrlik edən. Arif müəllim, əlavəniz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, 19-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.02 dəq.)
Lehinə  97
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 20-ci məsələyə münasibət bildirin.

Səsvermənin nəticələri  (saat 14.02 dəq.)
Lehinə  93
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  93
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 21-ci məsələ “Dövlət rüsumu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişikliklər aşağıdakıları əhatə edir. Bu qanunun dövlət rüsumunun hesablanması və ödənilməsi qaydalarını nəzərdə tutan 4.1-ci maddəsindən “və ya həmin xidmətləri və hüquqi xidmətləri təşkil edən” sözləri atılır, beləliklə, qanunun maddəsi belə oxunur: “Bu qanunla nəzərdə tutulan xidmətlərə və hüquqi hərəkətlərə görə ödənilən dövlət rüsumunun (“Avtomobil Yolları” Məqsədli Büdcə Fondunun mədaxil mənbələrinə aid edilənlərdən başqa) 25 faizi (bu qanunun 4.1-1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla) həmin xidmətləri və hüquqi hərəkətləri həyata keçirən dövlət orqanlarının, habelə dövlət notariat kontorlarının işçilərinin maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə onların xəzinə hesabına köçürülür, qalan hissəsi isə tam məbləğdə dövlət büdcəsinə ödənilir”.
Əlavə olunan 4.1-1-ci maddə isə belədir: “Bu qanunda nəzərdə tutulan xidmətlərin və hüquqi hərəkətlərin bir neçə dövlət orqanı tərəfindən vahid məkanda innovasiyaların tətbiqi və yüksək standartlar əsasında həyata keçirilməsini təşkil edən müvafiq icra hakimiyyəti orqanının tabeliyində olan qurumlarda xidmətlərə görə ödənilən dövlət rüsumlarının 50 faizi müvafiq icra hakimiyyəti orqanının işçilərinin və həmin qurumlarda fəaliyyət göstərən digər dövlət orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə müvafiq icra hakimiyyəti orqanının xəzinə hesabına köçürülür, qalan hissəsi isə dövlət büdcəsinə ödənilir”. Millət vəkillərindən bu vacib qanun layihəsinə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.05 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 22-ci məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli cənab Sədr, biz bir müddət əvvəl Cinayət Məcəlləsində bir dəyişiklik etmişdik. Söhbət aksiz markası ilə markalanmalı olan məhsulların belə marka olmadan satılması ilə bağlı məsuliyyətdən gedir. Bununla bağlı Cinayət Məcəlləsində bir istisna var idi, yəni tütün və pivə məmulatlarının pərakəndə satışı istisna olmaqla. Təbii ki, bu, cinayət məsuliyyəti yaradan hallar üçün idi, amma az miqdarda olanda inzibati məsuliyyət yaradır. İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsində, yəni 450.2-ci maddəsində tütünlə bağlı istisna var idi, amma indi pivə də oraya əlavə olunur. Beləliklə, pivənin və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markaları ilə markalanmalı olan məhsulların az miqdarda alınması və satılması cərimələndirilir.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.07 dəq.)
Lehinə  96
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, “Dövlət qulluğu haqqında” Qanunun 11-ci maddəsi ali kateqoriya dövlət orqanlarını sıralayır. Buraya “Azərbaycan dövlətinin başçısının fəaliyyətini bilavasitə təmin edən digər orqanların rəhbərlərinin vəzifəsi” sözlərinin əlavə olunması təklif edilir. Hesab edirəm, bu, kifayət qədər düzgün bir təklifdir, çünki dövlət başçısının fəaliyyətini bilavasitə təmin edən orqanların da bu siyahıya salınması vacibdir. Təbii ki, burada söhbət İşlər İdarəsinin xidmətindən gedir. Əminəm ki, həmkarlar da bu təklifi dəstəkləyəcəklər.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.08 dəq.)
Lehinə  95
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, 7 məsələ qalıb, əksəriyyəti dəyişikliklərdir. Etiraz yoxdursa, fasiləsiz işləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda 24-cü məsələyə keçirik. İnzibati Xətalar Məcəlləsində dəyişikliklər. Buyurun, Əli müəllim.
Ə.Hüseynli. Çox sağ olun. İnzibati Xətalar Məcəlləsində bildiyiniz kimi, 319.1-ci maddədə nəqliyyatda biletsiz getmə ilə bağlı cərimə sanksiyaları nəzərdə tutulurdu. Amma artıq nəqliyyatda, avtobusda, ümumiyyətlə, bütün sərnişindaşımada ödəmənin yeni formaları var, misal üçün, kartdan istifadə. Xüsusən bu, Bakı şəhərində tətbiq olunur. Ona görə də təklif olunur ki, “biletsiz” ifadəsi “müvafiq qaydada ödəniş etmədən” ifadəsi ilə əvəz olunsun. Söhbət ödəmədən gedir, onun qaydaları müxtəlif ola bilər, nağd şəkildə, kartla, biletlə və sair. Müvafiq qaydada ödəniş etmək ödənişin bütün formalarını özündə ehtiva edir. Məncə, bu, mahiyyətə və cərimə sanksiyalarına müdaxilə etmədən çox məntiqli bir düzəlişdir.
Sədrlik edən. Sağ olun. Elmira xanım təzə ödəniş forması deyəcək deyəsən. Buyurun.
E.Axundova. Çox sağ olun, cənab Sədr. İnzibati Xətalar Məcəlləsinin nəqliyyatda biletsiz getmə maddəsi ilə bağlı dəyişiklik, doğrudan da, labüddür. Çünki şəhərdaxili sərnişindaşımalarda artıq biletdən istifadə olunmur. Ona görə də “bilet” sözünün “müvafiq qaydada ödəniş” ifadəsi ilə əvəzlənməsi məntiqlidir. “Müvafiq qaydada ödəniş” dedikdə isə, kart sisteminə keçid nəzərdə tutulur. Bununla bağlı diqqətinizi bir vacib məsələyə yönəltmək istərdim. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 21 dekabr tarixli Fərmanı ilə Bakı Nəqliyyat Agentliyi yaradılıb və hazırda bildiyimə görə, məhz onun nəzarəti altında Bakı şəhərində 1, 3, 5, 7, 13 və 14 saylı marşrut xətlərindəki avtobuslarda, eləcə də metronun “28 May” stansiyasından Heydər Əliyev Beynəlxalq Hava Limanı istiqamətində hərəkət edən ekspress avtobuslarda kart ödəniş sistemi tətbiq edilir. Kart sistemi tətbiq ediləcək marşrut avtobusların keçdiyi ərazilərdə ödəniş terminalları da quraşdırılır.
Əlbəttə, bütün bunlar bir sıra müsbət nəticələrə səbəb olacaq. Əvvəla, bu sistemin tətbiqi ilə sürücülərə aylıq əmək haqqı veriləcək. Sürücülər gündəlik plan ödəməkdən azad ediləcək. Bununla da sürücülərin yollarda sürət həddini aşmasına, dayanacaqlarda uzun müddət dayanmalarına, avtobusa həddindən artıq sərnişin mindirmələrinə, avtobusu dayanacaqdan kənarda saxlamalarına ehtiyac qalmayacaq.
İkincisi, bu sistemə keçid həm ictimai nəqliyyatda ödənişlərin beynəlxalq standartlara uyğunlaşdırılmasına gətirib çıxaracaq, həm də sürücü ilə sərnişin arasında birbaşa əlaqəni aradan qaldıracaq. Yəni müsbət cəhətləri çoxdur. Lakin demək istərdim ki, cənab Prezidentin məlum fərmanından bir il keçməsinə baxmayaraq, hələ də çox az iş görülüb. Heç Bakının bütünlüklə vahid kart sistemi ilə təmin olunması başa çatdırılmayıb, bu sahədə işlər çox ləng gedir. Misal üçün, Rusiyada ödəniş edib, aldığın kartla avtobusda, trolleybusda, tramvayda, o cümlədən metroda da gedə bilərsən. Bizdə isə bu, hələ ki, fərqlidir, camaata çətinlik törədir.
Üçüncüsü, hesab edirəm ki, digər fikir verilməli məsələ bu kartların hər kəs üçün əlçatan olmasıdır. Çalışmaq lazımdır ki, hər gedişdə kart olsun. Məsələn, Rusiyaya gedəndə görürük ki, bir-iki dəfəlik istifadə üçün kart alınır. Ölkəmizə gələn turist, eləcə də bizim ölkə vətəndaşlarımızı avtobusdan ayda cəmi iki-üç dəfə istifadə edirlərsə, 50 gedişlik kart almalarına ehtiyac yoxdur. Bu, insanlar üçün əlavə xərcdir. Buna görə də, yenə deyirəm, kartların qiyməti gedişlərinə görə müəyyən edilməlidir və bu kart sistemi hər zaman tətbiq olunmalıdır. Ümumilikdə isə dəyişikliyi dəstəkləyirəm və lehinə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.13 dəq.)
Lehinə  94
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının “Şücaətə görə” medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Əli Hüseynli, buyurun.
Ə.Hüseynli. Çox sağ olun, hörmətli cənab Sədr. Biz müstəqillik illərində Azərbaycan Respublikasının bir sıra çox vacib orden və medallarını təsis etmişik, bu məsələlər parlamentdə müzakirə olunub. Son illərdə, xüsusən hərb sahəsində təltiflərlə bağlı yeni medallar yaradılmışdır. İndi təklif olunan “Şücaətə görə” medalı da bu sıradan olan bir medaldır.
Hörmətli cənab Sədr, biz bu məsələni dünən də birlikdə müzakirə etmişdik. Bilirsiniz ki, Azərbaycan Respublikasının medalları sırasında “Vətən uğrunda”, “İgidliyə görə”, o cümlədən “Hərbi xidmətlərə görə” və “Hərbi xidmətlərdə fərqlənməyə görə” medalları da mövcuddur. Ancaq bu medalların əsasnamələri fərqlidir. Misal üçün, “İgidliyə görə” medalı müharibədə döyüş zamanı igidlik göstərən, döyüş əməliyyatlarına uğurla rəhbərlik edən və şəxsi mərdlik nümayiş etdirən şəxslərə verilir. “Şücaətə görə” medalı sıralanmada “Hərbi xidmətlərə görə” medalından sonra gedəcəkdir, əsasnamədə belə deyilir.
Bu medal vətənin müdafiəsində hərbi borcunu yerinə yetirərkən fədakarlıq və şücaət göstərən hərbi qulluqçular və vəzifə borcunu yerinə yetirən digər şəxslər üçün nəzərdə tutulur. Yəni demək istəyirəm ki, bu, Azərbaycanda medal yaradıcılığında çox əhəmiyyətlidir, amma mahiyyətinə görə, əlbəttə, daha çox hərbi xidmətini və bütövlükdə hərbi borcunu yerinə yetirən şəxslərlə bağlıdır. Belə bir medalın yaradılması çox təqdirəlayiqdir, bu, bir çox ölkələrdə də mövcuddur və hesab edirəm ki, “Şücaətə görə” medalı haqqında Əsasnaməni təsdiq etməklə Azərbaycanda orden və medalların təsis edilməsinə öz yeni töhfəmizi vermiş olacağıq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təbii ki, mən də bu qanun layihəsinə səs verəcəyəm. Düzdür, adı ilə bağlı mənim özümün xüsusi, fərdi fikirlərim var. Yəni igidliklə şücaət elə eyni şeydir. Bunlar bir-birini təkrarlayır. Əsasnamədə ola bilər ki, başqa-başqa olsun, amma ümumi götürdükdə hər biri elə eyni məqsədə xidmət edir.
Lakin bir məsələyə, hörmətli Sədr, Sizin icazənizlə toxunmaq istəyirəm. Yəni buna aid olmasa da, adların əbədiləşdirilməsi ilə əlaqədar məsələdir. Bayaq hörmətli Elmira xanım bir məsələ qaldırdı. Onunla əlaqədar mən də öz fikirlərimi bildirmək istəyirəm. Təbii ki, ümummilli liderin adının hər gün, hər saat əbədiləşdirilməsi vacib və zəruridir. Çünki bu dövlətin qurucusu, yaradıcısı ümummilli liderimizdir. Bir neçə gündən sonra biz ölkəmizin müstəqilliyinin 25 illiyini qeyd edəcəyik. Lakin ümummilli lider hakimiyyətə gəlməsə idi, elə bu müstəqillik də əsrin əvvəlində olan müstəqilliyin taleyini yaşamaq vəziyyətinə gəlib çıxacaqdı, çünki Azərbaycanın əraziləri parçalanırdı, separatizm baş alıb gedirdi, hərc-mərclik vardı, silahlı dəstələr formalaşmışdı. Ümummilli liderimiz bunların qarşısını aldı və belə bir güclü dövlət qurdu. Bu gün Prezidentimiz tərəfindən daha geniş şaxəli proseslərin həyata keçirilməsi vacibdir və bu baxımdan, mən hesab edirəm ki, ümummilli liderin adına nə buraxılırsa, çox ciddi şəkildə baxılaraq buraxılmalıdır və əbədiləşdirilməlidir.
Məsələn, burada pulla bağlı Elmira xanım bir misal çəkdi. Mən hesab etmirəm ki, bu düzgün fikirdir. Bəli, mən hesab edirəm ki, Azərbaycan valyutasının üzərində ümummilli liderin şəkli olmalıdır. Götürək Türkiyəni, bəyəm Türkiyə pulunun üzərində Türkiyənin qurucusu olan Atatürkün şəkli yoxdur? Corc Vaşinqtonu götürək. Amerika dollarının üzərində şəkli yoxdur? Bütün Rusiya çarlarının hər birinin adına pul buraxılıb, həm qızıl pul buraxılıb, həm də adi pul buraxılıb. İngiltərə kraliçalarının hər birinin adına pul var, bu gün də fəaliyyət göstərir. Avstraliyadan tutmuş üzü bu tərəfə, Yeni Zelandiyaya qədər hər yerdə fəaliyyət göstərir. Düzdür, mən tərəfdarı deyiləm ki, kim isə ümummilli liderin imzasını hansısa maşının üstünə vursun, gəzdirsin. Amma kim sinəsində, ürəyinin başında gəzdirmək istəyirsə, – istər şəkli olsun, istər imzası olsun, istərsə də hər hansı bir sözü olsun, – buna heç kəs qadağa qoya bilməz. Ona görə də hesab etməyin ki, tək kitab ilə biz qənaətlənə bilərik. Mən hesab edirəm ki, ümummilli liderin adı hər yerdə olmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi Siyavuş çıxış elədi, ancaq gündəliklə əlaqədar çıxış edin, xahiş edirəm. Elman Məmmədov.
E.Məmmədov. Çox sağ olun, hörmətli cənab Sədr. “Şücaətə görə” medalı ilə bağlı fikrimi demək istəyirəm. Yəni şücaət çox yerdə göstərilə bilər. Suda boğulanı xilas edən də şücaət göstərir, yanğın zamanı da şücaət göstərilir və yaxud başqa şəraitdə bir fədakarlıq edən də şücaət göstərir. Əgər bu medal hərbi xarakterlidirsə və hərbidə göstərilən şücaətə görə verilirsə, mən hesab edirəm ki, burada “şücaət” sözünün əvvəlinə bir “hərbi” sözü əlavə etsək, məqsədəuyğun olar. “Hərbi şücaətə görə” medalı. Çünki şücaətə görə olanda bu çoxşaxəli olur. Müxtəlif sahələrdə şücaət göstərilə bilər, onda hamıya verilməlidir. Əgər hərbiyə görə verilirsə, bu, hərbi şücaətə görə adlanmalıdır. Mənə elə gəlir ki, belə daha çox məqsədəuyğun olar. Çox sağ olun.
Sədrlik edən. Hörmətli Elman müəllim, bu medalın əsasnaməsində yazılıb ki, hərbiyə görədir. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.20 dəq.)
Lehinə  90
Əleyhinə  1
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 26-cı məsələ “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bildiyiniz kimi, biz 2016-cı ilin fevral ayında İnzibati Xətalar Məcəlləsinə bir əlavə etdik. O əlavə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları idi. Demək istəyirəm ki, bizim qanunvericilikdə iki anlayış mövcuddur. Birincisi bütövlükdə yol hərəkəti qaydaları, ikincisi isə yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları. İnzibati Xətalar Məcəlləsində buna görə məsuliyyət nəzərdə tutulduğu üçün məhz “Yol hərəkəti haqqında” Qanunda da “yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları” ifadəsi öz əksini tapmış olur. Yəni bu layihənin meydana çıxması İnzibati Xətalar Məcəlləsindən irəli gələn bir şeydir. Eyni zamanda, biz İnzibati Xətalar Məcəlləsində icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla yüklənən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə də məsuliyyət nəzərdə tutmuşduq və həmin ifadə olduğu kimi “Yol hərəkəti haqqında” Qanunda da öz əksini tapmalıdır.
Sədrlik edən. Çox sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! “Yol hərəkəti haqqında” Qanunun 85-ci maddəsinə təklif olunan dəyişiklikləri mən də dəstəkləyirəm, müsbət yanaşıram, eyni zamanda, həmin maddənin üçüncü bəndinə olan qeydi fürsətdən istifadə edib oxumaq istəyirəm: “Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisi deputatlarının, Azərbaycan Respublikası Baş nazirinin, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın), Məhkəmə-Hüquq Şurasının üzvlərinin və Azərbaycan Respublikası hakimlərinin şəxsiyyəti, həmin şəxslərin xidməti və şəxsi nəqliyyat vasitələri toxunulmaz olduğuna görə onların yoxlanılmasına və ya inzibati qaydada tutulmasına yol verilə bilməz”. Həmin təklif olunan qeydi oxuyuram, kənar yeri yox. Bayaq da cənab Prezidentdən deputatların fəaliyyətinin dəyəri haqqında, təşəbbüsləri haqqında sitat gətirdim.
Cənab Sədr, Sizin müsbət reaksiyanızdan sonra Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsində müvafiq sənəd hazırlandı və dediyim məsələlərlə bağlı İnzibati Xətalar Məcəlləsində də dəyişiklik olundu. Çünki bu, təkcə yolla bağlı deyil, kommunal xidməti və sairi də əhatə edir. Bu hazırlananda mən də öz təkliflərimi vermişdim və təşəkkür edirəm ki, müsbət yanaşdınız, belə bir sənəd hazırlandı. Həmin sənədi nəzərinizə çatdırıram. Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin birinci hissəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə, Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96 VQ nömrəli, 2016-cı il 1 fevral tarixli 123-VQD nömrəli, 4 mart tarixli 137 VQD və 171 VQD nömrəli qanunlarına aşağıdakı məzmunda 7.2-1 və 150-ci maddələr əlavə edilsin. 1) 7.2-1. Deputatların, hakimlərin mənzilləri, əşyaları, şəxsi və xidməti nəqliyyat vasitələri, istifadə etdikləri rabitə vasitələri, onlara məxsus sənədlər, yazışmalar toxunulmazdır. 2) 17-ci maddənin ikinci bəndi. Azərbaycan Respublikası Milli Məclisinin deputatları və hakimlər barəsində məhkəmə qaydasında inzibati tənbeh tədbirləri tətbiq edilə bilməz, onlar axtarışa məruz qala və şəxsi müayinə edilə bilməzlər. 3) 150.12-1. Bu məcəllə ilə nəzərdə tutulmuş yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar törətmiş deputatın, hakimin şəxsi və xidməti nəqliyyat vasitələri müvafiq icra hakimiyyəti orqanının mühafizə olunan duracağına aparıla bilməz. Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə yalnız məhkəmə məsuliyyətinə səbəb olmayan inzibati tədbir tətbiq edilə bilər.
Bu düzəlişlər Azərbaycan Respublikası Konstitusiyasından və “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun və eyni zamanda, “Məhkəmə və hakimlər haqqında” Qanunun mənasından da irəli gəlir. İndi mətbuatda da izlədik ki, bizim xanım deputatlardan birinin maşınını aparıb duracağa qoyublar ki, bu da tamamilə qanunaziddir. Yenə də deputat yoldaşlarımın adından cənab Sədr, Sizdən rica edirəm, elə yerinə düşdü ki, bu təklif 85-ci maddəyə, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə oldu. Siz bu işə bir rəvac verin ki, biz də öz statusumuzu təsdiq edək. Biz öz hüquqlarımızı müdafiə edə bilmiriksə, seçicilərin, vətəndaşların hüquqlarını heç müdafiə edə bilmərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Şübhəsiz ki, “Yol hərəkəti haqqında” Qanuna edilən bu dəyişiklik vacibdir, əhəmiyyətlidir. Məni maraqlandıran başqa bir məsələdir. Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məsələsi kimin səlahiyyətindədir? Bu gün yollarda müxtəlif maneələr var, kim isə gəlir qazır, kim isə orada nəyisə quraşdırır, kim kimdən icazə alır, bunların mahiyyəti aydın olmur. Qəza baş verəndə məsuliyyəti daşıyan kimdir? Əgər o yolda hərəkətin təhlükəsizliyi təmin edilmirsə, bunun nəticəsində vətəndaş zərər çəkirsə, bu zərər kimin tərəfindən ödənilməlidir? Bu bir məsələ.
İkinci bir məsələ. Biz dəfələrlə bu məsələni qaldırmışıq. Bakı şəhərində cənab Prezidentin ayırdığı vəsait hesabına, bilavasitə onun göstərişi və nəzarəti ilə yollar gözəl təmir olundu. Amma nə baş verdi? İnsanlar çox yığışan yerlərdə, metro və avtobus dayanacaqlarının qarşısında parkomatlar qoydular, hamısının da yanına adamlar düzdülər. Maşınları hər yerdə, avtobus dayanacağında da, metronun qarşısında da, yolun sağında da, solunda da saxlayırlar, 4 zolaqlı enli bir küçədə artıq bir maşın güclə keçir. Təsəvvür edin ki, “Elmlər Akademiyası” metrostansiyasının sağı, solu çox təhlükəli olub. Metronun giriş və çıxışının qarşısına da parkomatlar düzüblər, sağda, solda, hər yanda avtomobillər dayanıb. Tıxaclar bir yana dursun, sabah orada dayanmış bir avtomobildə hər hansı bir hadisə baş verərsə, vətəndaşların həyatı üçün təhlükə yaranarsa, məsuliyyətini kim daşıyacaq? Nə qədər səsləndirmək olar ki, bu cür kütləvi yerlərdə xüsusi dayanacaqlar yaradılmalıdır, təhlükəsizlik qorunmalıdır. Yol hərəkətinin təhlükəsizliyi təmin edilməlidir. Amma bundan xüsusi qazanc güdən insanlar, şəxslər var. Buna hansı qurum nəzarət edir? Hesab edirəm ki, qanunda bu, aydın şəkildə göstərilməlidir. Yaxud da qanun qüvvəyə minəndən sonra yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin səlahiyyəti hansı qurumdadır? Bu, bir quruma verilməlidir və hər kəs də bilməlidir ki, o qurum buna nəzarət edir, cavabdehlik daşıyır. Yoxsa 3–4 qurum bu məsələni bir-birinin üzərinə atır və burada əcaib bir vəziyyət yaranır. Mən istərdim ki, bu məsələyə bir aydınlıq gətirilsin və qanunda da öz əksini tapsın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Sizin sözləriniz aydın oldu. Ancaq bu, indiki qanunun predmeti deyil. Bu məsələlərə diqqət yetirəcəyik. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.29 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  87
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
27-ci məsələ “Dövlət qulluğu haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, “Dövlət qulluğu haqqında” Qanunun 2-ci maddəsi dövlət qulluğunun xüsusi növlərini sadalayır. Bildiyiniz kimi, Milli Təhlükəsizlik Nazirliyi ləğv olunmuşdur, onun əvəzinə hazırda Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti yaradılmışdır. Məhz buna görə də qanunun 2-ci maddəsində bu iki yeni qurumun adı qeyd olunmalıdır, çünki hər iki qurum dövlət qulluğunun xüsusi növünə aiddir. Ona görə də “milli təhlükəsizlik” sözləri “dövlət təhlükəsizliyi xidməti” və “xarici kəşfiyyat xidməti” sözləri ilə əvəz olunur. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.31 dəq.)
Lehinə  88
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  88
Nəticə: Qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti 28-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, Azərbaycan Respublikasının Tarif Şurasının dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi barədə 2016-cı il 4 avqust tarixli bir qərarı olmuşdu. Həm bu qərara, həm də “Dərman vasitələri haqqında” Qanunun 4.5-ci maddəsinə müvafiq olaraq dövlət qeydiyyatına alınmış dərman vasitələrinin qiymətləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. İnzibati Xətalar Məcəlləsinin “Dərman vasitələrinin qanunsuz dövriyyəsi” adlanan 221-ci maddəsinə edilən əlavələr də çox ciddi əlavələrdir. Bunlar həm dərman vasitələri haqqında qanunvericiliyin pozulmasına görə, həm də istinad etdiyim Tarif Şurasının müvafiq qərarından irəli gələrək məsuliyyət növlərini müəyyənləşdirir. Bunlar ilk növbədə kifayət qədər ciddi sanksiyalardır. Zamanında da parlamentdə dərman vasitələrinin qanunsuz dövriyyəsi ilə bağlı çıxışlar olmuşdu. Hesab edirəm ki, İnzibati Xətalar Məcəlləsinə edilən sanksiyalar hazırda bu sahədə baş verən inzibati xətaların qarşısının alınması baxımından çox əhəmiyyətlidir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. 29-cu məsələni də Musa müəllim məruzə eləsin, sonra müzakirələrə keçək.
M.Quliyev, Milli Məclisin Səhiyyə komitəsi sədrinin müavini.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli Əli müəllimin dediyi kimi, bu əlavə və dəyişikliklər Tarif Şurasının təklifləri əsasında cənab Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə göndərilmişdir. Məlum olduğu kimi, Milli Məclisin 2014-cü il 16 dekabr tarixli qərarı ilə təsdiq olunmuş “Dərman vasitələri haqqında” Qanuna edilən əlavə və dəyişikliklərə görə Azərbaycan Respublikasında dərman vasitələrinin qiyməti dövlət tərəfindən tənzimlənir. Ötən müddət ərzində ölkənin dərman bazarında dövriyyədə olan 9850 adda dərmanın qiyməti tənzimlənmiş və orta hesabla dərmanların qiyməti iki dəfə aşağı salınmışdır.
Yeni təklif olunan əlavə və dəyişikliklər məhz tənzimlənən dərman vasitələrinin qiymətlərinə nəzarəti təmin etmək, bu sahədəki məsuliyyəti gücləndirmək məqsədi daşıyır. Qanunun 5 maddəsinə 11 əlavə və dəyişiklik təklif olunmuşdur. Bu əlavə və dəyişikliklərə görə dərman vasitələrinin qiymətlərinin tənzimlənmədən satılması və yaxud tənzimlənən qiymətdən fərqli qiymətə satılması qadağan olunur. Eyni zamanda, dərman vasitələri istehsalçıları və idxalçılarının üzərinə məsuliyyət qoyulur ki, onlar dərman vasitələrinin ilkin qiymətləri barədə bəyannamələri müvafiq orqana təqdim etsinlər.
Sonra, “Bioloji fəallığa malik qida əlavələri” adlanan 14.1-ci maddə əlavə olunur. Bu da son zamanlar dərman vasitələrinin qiymətlərinin tənzimlənməsindən sonra aptek şəbəkələrində müəyyən arzuolunmaz halların ortaya çıxması ilə bağlıdır. Məsələ burasındadır ki, dərmanların əksəriyyətinin qiyməti tənzimlənib, aşağı salınsa da, çox vaxt dərmanların əvəzinə bioloji aktiv qida əlavələri təklif olunur. Bəzən onlar reklam da olunurlar ki, guya bir çox xəstəliklərin dərmanıdır və dərman vasitələrini əvəz edirlər. Bu dəyişikliklər onunla bağlıdır ki, əhali bilsin, bioloji fəallığa malik qida əlavələri dərman vasitələrini əvəz etmir və onların reklamında da dərman vasitəsi olmadıqlarını göstərmək lazımdır. Eyni zamanda, bunların qutusunun içərisində dərman vasitəsi olmadığını göstərmək lazımdır və bunların həkim tərəfindən dərman kimi reseptə yazılması da qadağan olunmalıdır.
Eyni zamanda, bu dəyişiklikləri pozmağa görə də məsuliyyət müəyyən olunur. Əgər hər hansı bir aptek şəbəkəsi tərəfindən bir il ərzində qeydiyyatdan keçmiş dərman vasitələrinin mövcud qiymətlərdən fərqli qiymətə satılması halları 3 dəfə müşahidə olunarsa, onların fəaliyyəti 6 ay müddətinə dayandırılır.
Hesab edirəm ki, bu, dərman bazarındakı müəyyən neqativ halları önləmək məqsədi daşıyır və bütövlükdə əhalinin gözlədiyi dəyişikliklərdir. Hörmətli millət vəkillərindən bu dəyişiklikləri dəstəkləməyi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Mən öncə qeyd edim ki, bu dəyişikliklərin, yəni İnzibati Xətalar Məcəlləsinə, bir də “Dərman vasitələri haqqında” Qanuna edilən dəyişikliklərin lehinə səs verəcəyəm, onları dəstəkləyirəm. Amma burada bir məsələni qaldırmağı özümə borc bildim. Mən düşünürəm ki, dərman vasitələrinin və bioloji fəallığa malik qida əlavələrinin reklamı düzgün deyil. Mənə deyilə bilər ki, digər ölkələrdə də bu reklamlar gedir, bütün dünyada belə təcrübə var. Amma nəzərə almalıyıq ki, bizim dövlətin siyasəti sosialyönümlü siyasətdir və bu siyasətin əsasında Azərbaycan insanı, onun mənafeyi və sağlamlığı durur. Bizim Səhiyyə komitəsindən xahiş edərdim ki, bu məsələyə bir daha baxsınlar. Mən öz fikirlərimi əsaslandırmaq istəyirəm. Elə dərmanlar var ki, onları həkim nəzarəti və məsləhəti olmadan uzunmüddətli qəbul edəndə birincisi, aludəçilik yaranır, insanlar o dərmanlara öyrəşir, ikincisi də, insanın sağlamlığı üçün çox ciddi fəsadlar törədir. Məsələn, ağrıkəsicilərin qəbulu. Bu gün insanların hamısının şüuru heç də o səviyyədə deyil ki, reklamda gördüyü dərman haqqında getsin, həkimlə məsləhətləşsin, yaxud özünün müəyyən tibbi təhsili olsun, bilsin ki, bu dərmanları nəzarətsiz içmək olmaz.
Bir çox hallarda insanlar reklamda görürlər, gedib alırlar və başlayırlar içməyə. Halbuki insanın harasısa ağrıyırsa, ağrıkəsici dərmanları 1 dəfə, maksimum 2 dəfə içmək olar. Sonra mütləq həkimə müraciət etmək lazımdır, çünki həmin ağrılar orqanizmdə müəyyən xəstəliklərin başlanğıcından xəbər verir. İnsanlar müəyyən müddət, bəzən də uzun müddət xəstəliklərin simptomlarının qarşısını həmin o ağrıkəsici dərmanlarla alırlar. Nəticədə çox gərəkli bir zaman kəsiyini itirirlər. Halbuki bütün xəstəliklərin əvvəlində, – bu, tibbin qızıl qaydasıdır, – mütəxəssisə müraciət olunsa, o xəstəlik daha asan və tez müalicə olunar, yaxud da onun müalicəsində müsbət nəticələr daha tez əldə edilər. Amma insanlar bu dərmanları qəbul edərək qiymətli vaxt itirirlər və sonra ya müalicə çox çətinləşir, xəstəlik artıq digər fəsadlar verir, ya da heç mümkün olmur. Bunu hamımız bilirik. Yaxud “İmodium” dərmanını götürək, gecə-gündüz reklam olunur. Halbuki “İmodium” çox gizli fəsadlar verir. Ondan 1–2 ay içməklə qarşısını alırlar, bəs sonrası necə olur? Sonra, insan artıq məcbur olub, həkimə gedəndə çox vaxt itirmiş olur və müalicəsi xeyli çətinləşir.
Bir də bioloji fəallığa malik qidaların qəbul edilməsi var. Uzunömürlülüyün qızıl qaydalarından biri də odur ki, babanın, atanın qidalandığı kimi qidalan. Bizim ata-babalarımız nə vaxt bioloji fəallığa malik qidalar qəbul ediblər?
Burada dahi Nizami Gəncəvinin su haqqında sözlərini yada salmaq olar, bu sözləri hamı bilir. Hətta həkim zəmanət verməsə də, burada “mümkündür” yazılıb, amma deyilməlidir ki, həkim zəmanəti almayıb. Bu düzgün deyil. Bir çox insan, xüsusilə də idmanla məşğul olan gənc nəsil, idman zallarına gedən gənclər bioloji fəallığa malik qida əlavələrindən istifadə edirlər. Bilirsiniz, təbiətdə hər şey, o cümlədən insan orqanizmində də hər şey müvazinət üzərində qurulub. O maddələr müəyyən bir müddət qəbul olunduğu zaman insanın orqanizminin müəyyən funksiyalarını gücləndirir, müsbət effekt verir. Amma bizim orqanizmimiz bizdən də ağıllıdır, müəyyən müddətdən sonra mütləq əvəzini çıxır. Yəni müəyyən müddət güclənmədən sonra mütləq bunun arxasınca həmin funksiyaların kəskin zəifləməsi gəlir. Bunu istənilən həkim insanlara deyib başa sala bilər.
Mən düşünürəm ki, belə maddələrin, dərman vasitələrinin, – onlara rus dilində “БАД” deyirlər, – reklamı düzgün deyil, gənclər arasında maarifləndirici iş aparılmalıdır ki, belə maddələrdən nəzarətsiz istifadə etmək düzgün deyil. Bunlar sonradan çox ciddi fəsadlara səbəb ola bilərlər. Nümunə kimi biz idmançıları götürə bilərik. Rus mətbuatında bu haqda geniş yazılır. İdmançılar belə maddələrdən çox qəbul edirlər. Amma bu günə qədər uzunömürlü bir idmançı ilə rastlaşmaq çox çətindir. Onların ömrü, adətən, bədənə həddindən artıq daxil olan bu maddələrin nəticəsində o qədər də uzun olmur. Diqqətiniz üçün çox sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər xanım, Sizin əsas çıxışınız “Reklam haqqında” Qanuna aid oldu. Musa müəllim eşitdi. Bu məsələ “Reklam haqqında” Qanuna baxanda nəzərə alınar. Bir də Siz, yəqin, dopinqləri nəzərdə tuturdunuz. Milli Məclisdə Antidopinq haqqında qanun layihəsi hazırlanır. Yəqin, bu yaxınlarda biz o qanun layihəsinə baxacağıq. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli Sədr, hörmətli həmkarlar! Mən də “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında öz müsbət fikrimi sizə çatdırmaq istəyirəm. Həqiqətən, vacib bir məsələdir. İcazənizlə, qısa da olsa, bu gün hər bir vətəndaşımız üçün vacib olan dərman vasitələri ilə əlaqədar bu illərdə aparılan islahatlar, dəyişikliklər, qiymətlərin tənzimlənməsi ilə bağlı bəzi problemlər haqqında öz fikrimi çatdırmaq istəyirəm.
Bildiyiniz kimi, ölkəmizdə dərman preparatlarının qiymətlərinin tənzimlənməsi ilə əlaqədar cənab Prezidentimizin verdiyi qərar nəticəsində dərmanların qiymət bazarında ciddi dəyişikliklər oldu. Bu qiymətlərin dəyişməsi xalqın, həqiqətən, dərmanları daha uyğun qiymətə alması üçün böyük imkanlar yaratdı. Lakin bu gün səhiyyəmizdə çalışan həkimlər tərəfindən problem olaraq bildirilən və hər kəsin qarşısına çıxan bir məsələ haqqında məlumat vermək istəyirəm. Dünyada qlobal iqtisadi dəyişikliklər gedir. Dərman vasitələrinin alınması daha çox xarici şirkətlərlə bağlı olduğundan bu gün ölkəmizdə bununla bağlı hamımızı maraqlandıran bəzi problemlər var. Bu problemlərin də başında bəzi dərmanların, ümumiyyətlə, hazırda ölkəmizdə tapılmaması durur. Əlbəttə, dərmanların qanunsuz dövriyyəsi ilə bağlı görülən tədbirlərə baxmayaraq, bu gün hər hansı bir dərmanın tapılmadığına görə vətəndaşa çatdırıla bilməməsi səhiyyəçilər qarşısında böyük bir problem yaradır. Mən düşünürəm ki, bir az əvvəl Gövhər xanımın da dediyi kimi, bu məsələlərin tənzimlənməsi üçün tibbi təhsil sistemimizin doğru qurulması lazımdır.
İkincisi, İqtisadiyyat və Sənaye Nazirliyi ilə Səhiyyə Nazirliyinin birlikdə vermiş olduqları önəmli qərarlarda iqtisadçıların, ekspertlərin mütləq şəkildə dəvət olunaraq “yüz ölç, bir biç” misalı üzərindən hərəkət etməsi bizim gələcəkdə belə problemlərlə qarşılaşmamağımız üçün zəmin yarada bilər. Mən fürsətdən istifadə edərək bu fikirlərimi bir daha sizinlə paylaşmaq istədim. Düşünürəm ki, yaxın gələcəkdə bu nazirliklərin məntiqli bir şəkildə qarşılıqlı münasibətlər üzərində qurulacaq əməkdaşlıqları ilə bu problemlər daha yaxşı şəkildə öz həlli yolunu tapacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, 28-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.48 dəq.)
Lehinə  87
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  88
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 29-cu məsələsi. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.48 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsini “Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” 2015-ci il 20 oktyabr tarixli Qanuna uyğunlaşdırmaq məqsədi ilə təklif olunur. Konkret söyləyim ki, həmin qanunun mənasına görə maliyyə monitorinqi orqanının aktivlərin dondurulması ilə bağlı qərarı icra olunmalıdır və bu qərarın icra olunmamasına görə vəzifəli və hüquqi şəxslər üçün cərimə sanksiyaları nəzərdə tutulur. Bunlar da kifayət qədər ciddi sanksiyalardır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri  (saat 14.50 dəq.)
Lehinə  89
Əleyhinə  0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir  89
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasımız sona çatdı. Sağ olun.


 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi