2016-ci il 6 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 28

Milli Məclisin iclas salonu.
6 dekabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 116 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.16 dəq.)
İştirak edir 111
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Heydər Əsədov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Mikayıl Cabbarov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Ramin Quluzadə, Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının energetika naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Abbas Ələsgərov, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri.
Mübariz Qurbanlı, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.

* * *

Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil İbrahimov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

* * *

Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və yüksək texnologiyalar nazirinin müavini
Ragim Lətifov, Azərbaycan Respublikası fövqəladə  hallar nazirinin müavini.
Vaqif Əliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin birinci müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Firdovsi Əliyev, Azərbaycan Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini.
İsmayıl İsmayılov, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Samir Şərifov, Şahin Mustafayev, Elman Rüstəmov, Vüqar Gülməmmədov, Ziyafət Əsgərov, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Astan Şahverdiyev, Qənirə Paşayeva, Eldar İbrahimov, Fazil Mustafa, Zahid Oruc, Vahid Əhmədov, Azər Badamov, Əli Məsimli, Rafael Cəbrayılov, Şahin İsmayilov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV
 


MİLLİ MƏCLİSİN İCLASI

6  dekabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar!
Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.16 dəq.)
İştirak edir 111
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Dünyanın əksər ölkələrinin iqtisadiyyatında inkişaf templərinin zəifləməsi, makroiqtisadi göstəricilərin pisləşməsi Azərbaycan iqtisadiyyatına da öz təsirini göstərmişdir. Ötən dövrdə dünya bazarında xam neftin qiymətlərində kəskin dəyişikliklər müşahidə edilmişdir. Bunun nəticəsində ölkəmizin valyuta gəlirləri gözlənildiyindən az olmuş və Mərkəzi Bankın monetar siyasətində müvafiq düzəlişlər edilməsi zərurəti yaranmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası bu proseslərin ölkəmizə mənfi təsirini mümkün qədər azaltmağa imkan vermişdir. Mövcud problemlərə baxmayaraq, Azərbaycan iqtisadiyyatı öz dayanıqlığını saxlamışdır. Bizə təqdim edilmiş büdcə zərfinin sənədlərindən də görünür ki, 2017-ci il və növbəti 3 il ərzində ölkə iqtisadiyyatında real iqtisadi artım proqnozlaşdırılır. Bu artımın əsas amili iqtisadiyyatın neftdən asılılığını tədricən zəiflətmək yolu ilə qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi olacaqdır.
Müzakirəyə çıxarılan sənədlərdən göründüyü kimi, 2017-ci ilin dövlət büdcəsinin gəlir və xərclərində cari illə müqayisədə azalma baş vermişdir. Buna baxmayaraq, əvvəlki illərdə olduğu kimi, büdcənin sosial yönümlülüyü saxlanılır. Gələn il büdcənin sosial müdafiə və ona bərabər tutulan məqsədlər üçün ayrılan, habelə məqsədli dövlət proqramlarına yönəldilən vəsaitləri istisna olmaqla, digər xərclərində ixtisar nəzərdə tutulur. Bununla bərabər, ölkənin müdafiə qüdrətinin və milli təhlükəsizliyinin gücləndirilməsi üçün büdcədən lazımi qədər vəsait ayrılır.
Növbəti ilin dövlət büdcəsi ilə bağlı əsas məqamlardan biri Vergilər Nazirliyi xətti ilə qeyri-neft sektorundan daxilolmaların artması və Dövlət Neft Fondundan trans-fertin azalmasıdır. Həmin transfertin məbləği 1,5 milyard manat azaldılaraq 6,1 milyard manat proqnozlaşdırılır. Bu siyasət yaxın perspektivdə də davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri, 2017-ci ilin dövlət büdcəsinin layihəsi və büdcə zərfinə daxil olan sənədlər parlament komitələrinin birgə iclaslarında geniş müzakirə olunmuş və müzakirələrdə 35 millət vəkili iştirak eləmişdir. Ondan sonra komitələr büdcəni Milli Məclisin plenar iclasına tövsiyə etmişlər. Hesablama Palatası da büdcə zərfi barəsində müsbət rəyini bildirmişdir. Hesab edirəm ki, plenar iclaslarda aparacağımız müzakirələr səmərəli olacaqdır.
Mən istərdim, iclasımızda çıxışların ardıcıllığını sizinlə razılaşaq. İlk növbədə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadəni dinləyək, sonra hörmətli maliyyə naziri Samir Şərifova, eləcə də iqtisadiyyat naziri Şahin Mustafayeva söz verək və daha sonra Mərkəzi Bankın və Hesablama Palatasının məlumatları ilə tanış olaq. Bu gedişata etiraz yoxdursa, ondan sonra müzakirələrə başlayaq. Buyurun, Ziyad müəllim. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Baş nazir, hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq hörmətli Oqtay müəllim giriş sözündə dünyada baş verən qlobal hadisələrin ölkələrin iqtisadiyyatına təsiri, neftin dünya bazarında qiymətinin aşağı düşməsi ilə əlaqədar olaraq bir çox ölkələrdə yaranmış problemlər barədə fikirlərini dedi. Həqiqətən də, müasir dövrdə qlobal dünya iqtisadiyyatında baş verən sarsıntıların müəyyən dərəcədə Azərbaycana təsiri şəraitində dövlətimiz milli mənafelərin qorunmasına yönələn iqtisadi siyasət aparır, xarici risklərin təzyiqini minimuma endirmək üçün sistemli, təşkilati, iqtisadi tədbirlər görür.
Dövlət büdcəsi hər il “Büdcə sistemi haqqında” Qanunun tələblərinə müvafiq olaraq hazırlanır və hökumətdə müzakirə edildikdən sonra cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilir.
Qeyd etmək lazımdır ki, son illərdə Azərbaycan Respublikasının dövlət büdcəsinin, yəni ali maliyyə-iqtisadi sənədinin təkmilləşdirilməsi istiqamətində xeyli işlər görülmüşdür. Məhz bu işlərin görülməsi nəticəsində Azərbaycan Respublikasının inkişafında büdcənin rolu artmış, bir sıra iri miqyaslı, dünya əhəmiyyətli sosial-iqtisadi proqramlar həyata keçirilmişdir. Məhz Azərbaycanın apardığı büdcə siyasəti bütövlükdə beynəlxalq təşkilatlar tərəfindən müsbət qarşılanır. Bütün bu əldə olunmuş prinsiplər, eyni zamanda, dövlət başçısı İlham Əliyevin son illərdəki iqtisadi siyasəti, dövlət büdcəsi barədə fundamental baxışları əsas götürülərək mürəkkəb şəraitin tələblərini və Azərbaycanın milli maraqlarını nəzərə alan kamil bir dövlət büdcəsi hazırlanmışdır.
Dövlət büdcəsinin komitələrdə müzakirəsi zamanı çox dəyərli fikirlər səsləndi. Maliyyə Nazirliyinin, İqtisadiyyat Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və büdcənin formalaşmasında iştirak edən digər strukturların nümayəndələri müzakirələrdə fəal iştirak etdilər. Mən komitələrin adından hökumət üzvlərinə, Maliyyə Nazirliyinə, maliyyə naziri Samir müəllimə və digərlərinə dərin təşəkkürümü bildirirəm. Eyni zamanda, Oqtay müəllim, mən Sizə təşəkkür edirəm ki, bu neçə gün ərzində bütün fəaliyyətinizi, iş gününüzü büdcənin müzakirəsi ilə əlaqədar məsələlərə həsr etmişdiniz.
Məlumdur ki, dövlət büdcəsi ilk növbədə gəlirlər hesabına formalaşır. Artıq Oqtay müəllim bu rəqəmləri dedi. Mən çalışacağam ki, rəqəmlərə az müraciət edim, çünki hörmətli Samir müəllim və digər çıxış edənlər fikirlərini konkret rəqəmlərlə açıqlayacaqlar. Bütövlükdə Azərbaycanda büdcə gəlirlərinin illər boyu kəsirsiz formalaşmasında gəlirlərin formalaşmasını həyata keçirən strukturların müstəsna rolu vardır. 2016-cı ilin büdcə proqnozlarının icrası, eləcə də vergi ödəyicilərinə göstəriləcək xidmətlər, vergi inzibatçılığının təkmilləşdirilməsi və sadələşdirilməsi istiqamətində görülən işlər, müasir texnologiyaların geniş tətbiqi, şəffaflıq prinsiplərinə riayət edilərək strateji məqsədlər və vəzifələrin yerinə yetirilməsi istiqamətində aparılan funksional və struktur islahatlar 2017-ci ildə də davam etdiriləcəkdir.
Bütövlükdə Vergilər Nazirliyi xətti ilə çox gərgin iş aparılır və proqnoz göstəricilərinin ümumi daxili məhsulun 11,7 faizi qismində nəzərə alınması təklif edilir. Büdcə gəlirlərinin yığımında Vergilər Nazirliyi xətti ilə yığılan gəlirlər 45 faiz nəzərdə tutulur ki, bu da cari ilin proqnozundan çoxdur.
Ən mühüm dəyişikliklərdən biri ondan ibarətdir ki, neft-qaz sektorunun payına düşən gəlirlərin azalması istiqamətində iri miqyaslı işlər görülür. Qeyri-neft sektorunun hesabına 75,7 faiz gəlirlər düşür ki, bu da kifayət qədər yüksək rəqəmdir. Biz bunu da nəzərə almalıyıq ki, Azərbaycan inkişaf etmiş neft-qaz kompleksinə malikdir.
Cənab Prezidentin bu yaxınlarda vergi islahatlarının təkmilləşdirilməsi istiqamətində qəbul etdiyi sərəncam yaxın vaxtlarda yəqin ki, reallaşacaq. Milli Məclisdə aparılan müzakirələr zamanı Vergilər Nazirliyinin nümayəndələri bəyan etdilər ki, qısa zaman kəsiyində islahatlar layihəsi hazırlanıb cənab Prezidentə təqdim ediləcək və Azərbaycanda vergi siyasətinin daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdiriləcəkdir. Bütövlükdə vergilər sistemində aparılan işlər, şəffaflığın artırılması, elektron xidmətdən istifadə, vergi ödəyiciləri ilə əməkdaşlığın gündən-günə təkmilləşdirilməsi vacib istiqamətlərdən biridir ki, bu da bütövlükdə büdcə gəlirləri üzrə proqnozların vaxtında yerinə yetirilməsinə kifayət qədər əsas yaradır.
Eyni müsbət fikirləri Azərbaycan Dövlət Gömrük Komitəsi xətti ilə büdcəyə daxil olan gəlirlər barədə də demək olar. Təkcə onu göstərmək kifayətdir ki, gömrük sistemində aparılan şəffaflıq, islahatlar nəticəsində daxilolmalar əvvəlki illərə nisbətən 500 milyon manatdan çox artacaqdır. Bütövlükdə vergilərin toplanmasında Dövlət Gömrük Komitəsinin xüsusi çəkisi artacaqdır.
Bizim komitənin üzvləri ilə birgə bir təhlil apardıq. 20 ildə ümumi daxili məhsulun miqdarını, vergi və gömrük xətti ilə daxil olan gəlirlərin ümumi daxili nisbətini araşdırdıq və digər ölkələrlə müqayisə etdik. Artıq bir qanunauyğunluq yaranmışdır ki, büdcə gəlirləri ümumi daxili məhsulun 25–30 faizi arasında tərəddüd edir. Vergilər Nazirliyinin xətti ilə yığılan gəlirlər ümumi daxili məhsulun 11–12 faizi, Dövlət Gömrük Komitəsi xətti ilə yığılan rüsumlar isə 2-3 faiz arasındadır. Bu bizə imkan verir ki, gələcəkdə ümumi daxili məhsulun artması proqnozlarını müəyyən edərkən bu rəqəmlər əsasında vergi yığımlarında gəlirləri hesablaya bilək.
Keçid dövrünün çətinlikləri arxada qalıb. Azərbaycan Respublikası öz Konstitusiyasında bəyan edib ki, sosial-yönümlü bazar iqtisadiyyatı qurur. Ona görə də dövlət büdcəsinin formalaşmasında əsas prinsiplərdən biri ondan ibarətdir ki, dövlətin sosial siyasəti, cənab Prezidentin bəyan etdiyi sosial siyasət dövlət büdcəsində öz əksini necə tapır. Mən istəyirəm ki, cənab Prezidentin dediyi sözləri sizə xatırladım: “Dövlət büdcəmizdə bütün sosial proqramlar öz əksini tapmalıdır. Ümumiyyətlə, gəlirlərimizin azaldılmasına baxmayaraq, biz sosial sahədə tam vəsaiti təmin edirik. Heç bir sosial təşəbbüs və layihə ixtisar olunmayıb. 2017-ci ildə də büdcəmiz sosial yönlü olmalıdır və əlbəttə ki, investisiyalar üçün də kifayət qədər vəsait nəzərdə tutulmalıdır. Gələn il sosial infrastruktur layihələri icra ediləcək. Məktəblərin, xəstəxanaların, mərkəzlərin tikintisi nəzərdə tutulur. Modul tipli məktəblər tikilməlidir. Çünki bizdə hələ qəzalı şəraitdə kifayət qədər məktəb var. Məncə, biz onları 2017–2018-ci illərdə tamamilə sökəcəyik və onların yerində yeni məktəblər tikiləcək. Beləliklə, bir dənə də qəzalı, təmirsiz məktəb qalmamalıdır”.
Mənə elə gəlir ki, Azərbaycan xalqının, Azərbaycan gənclərinin bundan böyük arzusu ola bilməz, çünki təhsil bu gün gələcək Azərbaycan iqtisadiyyatının ən güclü faktoruna çevrilir. Son günlər təhsil sistemində aparılan islahatlar, təhsilin səmərəliyinin yüksəldilməsi, sözün əsl mənasında, onun insan kapitalına çevrilməsi istiqamətində görülən işlər bir daha təsdiqləyir ki, çətinliklərə baxmayaraq, Azərbaycanın dövlət büdcəsində bu il də təhsil və səhiyyənin inkişafı üçün kifayət qədər vəsait nəzərdə tutulub. Mən o rəqəmləri sadalayıb vaxtınızı almaq istəmirəm. Kifayət qədər material sizə təqdim olunub.
Onu deyə bilərəm ki, dövlət başçısının müvafiq tapşırıqları əldə rəhbər tutularaq 2017-ci il dövlət büdcəsinin xərclərində sosialyönümlü xərclərin xüsusi çəkisi 40 faiz olmaqla proqnozlaşdırılmışdır. Ölkə əhalisinin həssas sosial qruplarının müdafiəsinin gücləndirilməsi və dövlət büdcəsindən maliyyələşən bir sıra təşkilatlarda çalışanların əmək haqlarının maliyyə təminatı üçün dövlət büdcəsində kifayət qədər vəsait nəzərdə tutulmuşdur. Təbii ki, ölkədə yoxsulluq, işsizlik, aztəminatlı ailələr var və onların azaldılması istiqamətində çox böyük işlər görülür. Mən hörmətli Səlim müəllimə təşəkkür edirəm ki, axşam televiziyada çıxış edərkən birmənalı şəkildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bu sahəyə diqqəti ilə əlaqədar olaraq konkret faktlara müraciət etdi. Pensiyalar, əmək haqları artırılmalıdır və sair. Amma bunların artırılması üçün, heç şübhəsiz ki, iqtisadi fəallığımız artmalıdır. Biz iqtisadi inkişafın sürətini artırmaq barədə düşünməliyik. Mən bu barədə bir neçə kəlmə deyəcəyəm.
Dövlət büdcəsinin əsaslı xərcləri ilə cari xərclər arasındakı nisbət əsaslı xərclərin hesabına dəyişmişdir. Yenə də cənab Prezidentin fikrinə müraciət edirəm: “Biz əvvəlki illərdə dövlət investisiyalarına daha çox üstünlük verirdik. Bu da təbiidir, çünki biz bir çox layihələri, xüsusilə infrastruktur layihələrini icra etməli idik. Əgər biz onları icra etməsəydik, bu gün, ümumiyyətlə, inkişafdan söhbət gedə bilməzdi. Nə kənd təsərrüfatı, nə turizm, nə də digər sahələr inkişaf edə bilərdi. Ona görə də dövlət investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyırdı və biz son illər ərzində bu layihələrin bir çoxunu artıq icra etmişik. Təbii ki, 2017-ci ilin Dövlət İnvestisiya Proqramı indi hazırlanıb və yaxın vaxtlarda mənə təqdim ediləcək. Ancaq biz özəl sektorun investisiyalarını da daha böyük həcmdə cəlb etməliyik”.
Mənə elə gəlir ki, bu, hökumət strukturları, sahibkarlar üçün fundamental baxış, əsas prinsip kimi götürülməlidir və ölkə iqtisadiyyatının inkişafında investisiyaların, xüsusilə də daxili investisiyaların artırılmasına fikir verilməlidir. 2017-ci il dövlət büdcəsinin 2712,0 milyon manatı xərc bölmələrində öz əksini tapmaqla xüsusi dövlət alışlarının həyata keçirilməsinə, sosial-mədəni və məişət, inzibati, istehsalat təyinatlı layihələrin, bina və qurğuların, yolların yenidən qurulmasına və sairə yönəldiləcəkdir.
Biz hesab edirik ki, Azərbaycan iqtisadiyyatında xüsusi yeri olan tikintinin inkişafına diqqət artırılmalıdır. İqtisadi fəallığın azalmasını nəzərə alıb o sahənin gücləndirilməsi üçün, mən demirəm ki, dövlət vəsaitləri hesabına, eləcə də özəl sektorun hesabına bu tikintinin canlandırılmasına nail olmalıyıq. Rəsmi statistikaya görə tikintidə çalışanların sayı 300 min nəfərdir. Əgər biz onların iqtisadi fəallığını təmin etsək, təbii ki, Azərbaycan iqtisadiyyatı üçün əlavə vəsait əldə olunmasına nail ola bilərik.
Azərbaycan iqtisadiyyatının inkişafını ləngidən ən böyük problemlərdən biri bu gün bank sektorunda yaranmış çətinliklərdir. Uzun illər Azərbaycanın bank sektorunda pul-kredit siyasəti aparılıb. Bu siyasət ulu öndər Heydər  Əliyev tərəfindən dəstəklənib, Azərbaycana 200 milyard manatdan çox investisiya gəlib. Əgər bizim pulumuz sabit olmasaydı, bu problemlər olmayacaqdı. Lakin son iki ildə yaranmış vəziyyət, həqiqətən, narahatlıq doğurur və bizim iqtisadi inkişafımızı ləngidən ən birinci amilə çevrilir. Bu il 700 milyon manatdan artıq kredit ödənməmişdir ki, bu da ümumi məhsulun cəmi bir faizini təşkil edir.
Komitələrdə məsələ müzakirə olunan zaman bir iqtisadçı kimi bildirdik ki, inflyasiyanı qorumaqla yanaşı, pul kütləsini artırmalıyıq ki, müəyyən canlanma olsun. Yeni iş yerləri, yeni istehsal sahələri yaratmadan, infrastruktur layihələrini həyata keçirmədən biz gələcəkdə də bu iqtisadi fəallığı təmin edə bilmərik. Ona görə də mən əminəm ki, Baş nazir Artur müəllimin başçılığı ilə fəaliyyət göstərən Maliyyə Sabitliyi Şurası qısa zaman kəsiyində maliyyə sistemində yaranmış problemlərin həllinin aradan qaldırılmasına kömək edəcəkdir.
Bir iqtisadçı, bir siyasətçi, ümumiyyətlə, bir ictimai xadim olaraq hər birimiz ölkədə maliyyə bazarı ilə real sektor arasında optimal nisbətin təmin olunmasına nail olmalıyıq. Azərbaycanda Sahibkarlığa Kömək Milli Fondu yaradılıb. “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunu, “Lisenziyalar və icazələr haqqında”, “Antidempinq haqqında” qanunları təhlil edirik. “Tik – idarə et – təhvil ver” modeli əsasında qanunlar qəbul etdik. Bu qanunlar əsasında komitə üzvləri sahibkarlıq fəaliyyəti ilə əlaqədar materiallarla tanış oldular.
Biz bu yaxınlarda Sumqayıt Texnoloji Parkında, Bakı Dəniz Limanında və Bakı məişət tullantıları zavodunda olduq. Hörmətli Eldar müəllim də Ağcabədi, Yalama aqroparklarında olub və həqiqətən də, böyük işlər görülür. Qısa zaman kəsiyində 100 milyon dollarlarla pul xərclənib, müasir avadanlıqla təchiz olunmuş zavodlar tikilib. Metallurgiya zavodunda olduq, SOCAR-ın polimer zavodunun tikintisində iştirak etdik. Nə qədər nəhəng işlər görülüb. Bu işlərin başa çatdırılması ilə Azərbaycan iqtisadiyyatı xeyli inkişaf edəcək. Ona görə xahiş edərdim, ayrıca hesablansın ki, aparılan yeni tikintilər, yeni innovativ iqtisadiyyat bizə nə qədər məhsul verəcək?
Sahibkarlığa Kömək Milli Fondu ilə aparılan tikintilərlə tanış olduq. Mən adlarını çəkmək istəmirəm, quşçuluq və iri fermer təsərrüfatlarının, müasir istixana komplekslərinin, intensiv bağçılıq və meyvə-tərəvəz emalı zavodlarının, logistik mərkəzlər, taxıl anbarlarının, çörək istehsalı zavodlarının, tikinti materiallarının istehsalı müəssisələrinin yaradılmasına 2 milyard manata qədər vəsait sərf olunub. Amma problemli kredit 1 faizdən də azdır, o da bankların hesabına. Belə olan şəraitdə artıq görürük ki, bizim belə bir fondumuz var, ondan daha səmərəli istifadə edək, olan nöqsanları aradan qaldıraq. Amma bəzi bankların fikrindən keçir ki, gəlin, bunu bağlayaq. Niyə? Niyə ona vəsait ayırmayaq? Mən Maliyyə Nazirliyini demirəm, ümumiyyətlə, bu, strategiyadır. Dövlət başçısı tərəfindən yaradılmış başqa bir qurum varmı ki, son illərdə bu qədər obyektləri istifadəyə versin? Bankların da real sektora dəstəyinin artırılması üçün bu kimi fondlar nümunə ola bilər.
Yaxın gələcəkdə ölkəmizdə böyük metallurgiya kompleksinin tikintisi nəzərdə tutulur. Bunun üçün bizim Daşkəsən filiz yataqları və sair var. Cənab Prezidentin metallurgiya ilə əlaqədar baxışlarıdır. Yüngül sənaye, maşınqayırma sənayesi, kimya kompleksi – bütövlükdə Azərbaycanın sənaye strukturunu tamamilə dəyişir. Çox təəssüf ki, bu gün Azərbaycan sənayesində maşınqayırmanın xüsusi çəkisi 1,9 faiz, yüngül sənayenin xüsusi çəkisi 0,3 faizdir. Bu müəssisələr sürətlə tikilməlidir ki, biz normal bir dövlət kimi normal sənaye strukturuna malik olaq. Artur müəllimin təcrübəsini, bu sahədə uzun illər çalışmasını nəzərə alaraq deyə bilərik ki, bu layihələr həyata keçiriləcək və nəticədə Azərbaycanın dövlət büdcəsinin maliyyə əsasları tamamilə möhkəmlənəcəkdir.
Mən bayaq dedim, yığcam şəkildə kamil bir büdcə hazırlanıb. Dünya ölkələrində həmişə bir göstərici var ki, onunla maraqlanırlar. Bu da ümumi daxili məhsulda büdcənin payıdır. XXI əsrin əvvəllərində dövlət büdcəsinin ümumi daxili məhsulda payı cəmi 13–14 faiz idi. Bu bizə imkan vermirdi ki, konstitusion hüquqlar həyata keçirilsin, sosial sahə, tibb, digər sahələr kifayət qədər inkişaf etsin. Maliyyə Nazirliyinin prinsipiallığı və görülmüş tədbirlər nəticəsində bu rəqəm 33–34 faizə qalxdı. Ən optimal rəqəmdir. Bu gün Maliyyə Nazirliyi hesab edir ki, Azərbaycan üçün ən optimal rəqəm 25–26 faiz olsun. Biz də bununla tam razıyıq. Mənə elə gəlir ki, bu çox müsbət rəqəmdir. Amma gələcək proqnozlarda bu rəqəmin birdən-birə 20-yə düşməsi hamımızı narahat edir, çünki kifayət qədər məhsulumuz artacaq.
Biz hesablamışıq, Azərbaycanın ümumi daxili məhsulu 9 il ərzində orta hesabla 3 faiz olsa, bizim 91 milyard manatımız olacaqdır. 20-ci ilə bizim proqnozumuz 70 milyard olacaqdır ki, bu 12 milyard artımdır. Mənə elə gəlir ki, proqnozları bir az da dəqiqləşdirsək və real iqtisadi inkişaf imkanlarını nəzərə alsaq, biz həmin rəqəmi saxlayarıq. Bu rəqəmi saxlamaqla da Azərbaycan dövlətinin beynəlxalq aləmdə imicinin artmasına  kömək etmiş olarıq.
Mən çıxışımı optimist notlarla bitirmək istəyirəm. 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti çıxışında demişdi ki, – elə bir dövr idi ki, çətinliklərimiz var idi, büdcəmiz cəmi 1–2 milyard dollar idi, borc da vermək istəmirdilər, – biz xalqla birlikdə Azərbaycanı xoşbəxt bir diyara çevirəcəyik. Azərbaycanın son on il ərzində yaranmış gizli iqtisadi potensialı, əmək potensialı, ən başlıcası professional kadrlarımız imkan verir ki, biz gələcəkdə iqtisadi inkişafın sürətini qaldıraq. Bu qədər potensialın və görülən işlərin müqabilində 1–2 faiz iqtisadi inkişaf Azərbaycana yaraşmır. Bu qədər investisiyanın, aparılan uğurlu aqrar sektor siyasətinin reallaşması ilə əlaqədar olaraq görülən tədbirlərin fonunda, təbii ki, bizim artım tempimiz yüksək olmalıdır. Bu artım tempinin yüksək olması bizə imkan verəcək ki, ümumi daxili məhsulda dövlət büdcəsinin xərclərinin xüsusi çəkisi artsın və biz də dinamik inkişaf edən dövlət kimi tarixdə qalaq.
Avropanın statistikasına baxmışıq, dünya ölkələri ilə müqayisə aparmışıq. Yüzdən artıq ölkənin büdcə kəsiri, ümumi daxili məhsulda payı, dövlət xərclərinin xüsusi çəkisi ilə bağlı məsələlər nəzərdən keçirilib. Azərbaycanın potensialı ilə müqayisə etdikdə belə hesab edirik ki, gələcəkdə bir sıra proqnoz göstəricilərinin təhlilinə yenidən baxmaq və onların artırılması istiqamətində fikirlər söyləmək olar.
Azərbaycan dövlətinin ali məqsədi sosial siyasətin uğurla davam etdirilməsidir. Çox nadir ölkələr konstitusiyalarında bunu bəyan edirlər. Bizim Konstitusiyada yazılıb ki, sosialyönümlü bazar iqtisadiyyatı qururuq. Biz hər bir fəaliyyətimizlə iqtisadi inkişafın dinamikasını artırmalı və sosial xərclərin daim artmasını ön plana çəkməliyik. Yalnız bu halda Azərbaycan həyat səviyyəsinin keyfiyyət göstəricilərinə görə bir çox ölkələri arxada qoya bilər. Mən diqqətinizə görə təşəkkür edirəm. Yəqin ki, müzakirələr zamanı deyiləcək dəyərli fikirlər hökumət tərəfindən nəzərə alınacaqdır. Xoş əhvali-ruhiyyə ilə sizlərə “çox sağ olun”  deyirəm.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Maliyyə naziri Samir Şərifov, buyurun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2017-ci il dövlət və icmal büdcələrinin layihəsi və büdcə zərfinə daxil olan digər sənədlər toplusu Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisin müzakirəsinə təqdim olunmuşdur. Ötən həftə üç gün ardıcıl olaraq dövlət və icmal büdcələrinin layihələri parlamentin bütün komitələrində hökumətin nümayəndələrinin iştirakı ilə geniş və hesab edirəm ki, məhsuldar şəkildə müzakirə olunmuşdur.
2017-ci ilin dövlət büdcəsinin müzakirəsi həm də əlamətdar tarixə – Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25-ci ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi vaxtına təsadüf edib. Tarixi baxımından qısa bir müddətdə, 25 il ərzində ölkəmiz mürəkkəb və şərəfli bir yol keçərək öz müstəqilliyini qoruyub saxladı, sosial-iqtisadi inkişaf sürətinə görə nəzərə çarpan nailiyyətlərə imza atdı.
Hamımız yaxın keçmişə aid tariximizin şahidi kimi bu nailiyyətlərin heç də asanlıqla əldə olunmadığını bilirik. Müstəqilliyimizin ilk illərində hakimiyyətdə yaranmış boşluq, siyasi naşılıq və səriştəsizlik ölkədə dərin siyasi və iqtisadi böhrana səbəb olmuş, faktiki olaraq dövlətimizi parçalanma astanasına gətirmişdi. Bu mürəkkəb vəziyyətdə xalqın təkidi ilə ümummilli liderimiz Heydər Əliyevin 1993-cü ilin iyununda hakimiyyətə qayıdışı və ulu öndərin yorulmaz əməyi tezliklə hərbi-siyasi sabitliyi bərqərar etmiş, iqtisadiyyatda radikal bazar yönlü islahatların keçirilməsinə, ölkənin sosial-iqtisadi inkişafının təməlinin qoyulmasına, daxili və xarici mənbələr hesabına kapital qoyuluşuna, xarici ticarət əlaqələrinin bərpasına, özəlləşdirmənin başlanmasına, sahibkarlığın formalaşmasına və əhalinin sosial vəziyyətinin yaxşılaşmasına zəmin yaratmışdır.
Ulu öndərin siyasi varisi və davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Heydər Əliyev kursunun müasir tələblərə və çağırışlara uyğun olaraq daha da modernləşdirilməsi istiqamətində həyata keçirdiyi sosial-iqtisadi islahatlar ölkəmizin yeni və sürətli inkişaf mərhələsinin başlamasına, bazar münasibətlərinə söykənən sosial və investisiya yonümlü büdcənin formalaşmasına, əhalinin həyat səviyyəsinin yüksəlməsinə rəvac verdi. Qısa zaman kəsiyində bazar iqtisadiyyatına keçid dövrü başa çatdırıldı, dövlətimizin müdafiə qüdrəti artdı, iqtisadi, enerji, ərzaq və ekoloji təhlükəsizliyi, əsasən, təmin edildi, əhalinin sosial güzəranı xeyli yaxşılaşdı, real pul gəlirləri nəzərə çarpacaq dərəcədə artdı.
Heydər Əliyevin neft strategiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin gələcəyi üçün qüdrətli maliyyə təminatı yaratdı. 2004-cü illə müqayisədə ümumi daxili məhsul istehsalı real ifadədə 3,4 dəfə artdı, tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi isə 67 faiz yüksəldi. Əhalinin sosial təminatının yaxşılaşdırılması üçün əmək haqqının, pensiya və təqaüdlərin, sosial müavinətlərin artırılması mütəmadi şəkildə təmin olundu. Buna rəğmən əhalinin hər nəfərinə düşən real ifadədə illik gəlirlər 1995-ci ilə nisbətən on dəfəyədək artmış, yoxsulluğun səviyyəsi isə on dəfəyədək enmişdir.
Regionların sosial-iqtisadi inkişafına  istiqamətlənmiş 3 beşillik dövrü əhatə edən dövlət proqramları qeyri-neft sektorunun dayanıqlı inkişafına, regionlarda müasir infrastruktur layihələrinin reallaşdırılmasına, yeni istehsal və emal müəssisələrinin fəaliyyətə başlamasına imkanlar açdı və yüz minlərlə yeni iş yerlərinin yaradılmasına xidmət etdi. 
Xarici və daxili mənbələrdən həmin dövr ərzində ölkə iqtisadiyyatının inkişafı üçün əsas kapitala 200 milyard manatadək investisiyaların yatırılmasına nail olundu. Bu hesaba 2004–2015-ci illərdə 2124 məktəb, 351 uşaq bağçası, 300 tibb, 144 mədəniyyət və turizm müəssisəsi, 82 idman və olimpiya idman kompleksləri tikilmiş və yenidən qurulmuşdur.
Ölkənin şimal, cənub və qərb istiqamətlərində, həmçinin Bakıda rayonlararası və rayon mərkəzlərini kəndlərlə birləşdirən 8,6 min kilometr uzunluğunda yollar, 300 yeni körpü, 39 yol ötürücüsü, 38 avtomobil tuneli və 55 yeraltı və yerüstü piyada keçidi tikilmiş və yenidən qurulmuşdur. Ölkəmizin iqtisadiyyatına mühüm töhfə verəcək Bakı–Tbilisi–Qars dəmir yolunun tikintisi hazırda tamamlanmaq ərəfəsindədir.
İnşa edilmiş yeni elektrik stansiyaları hesabına elektrik enerjisinin generasiya həcmi 40 faiz artırılaraq 7 min meqavata, paylayıcı elektrik şəbəkələrinin gücü isə 2 dəfədən çox artırılaraq 6,3 min meqavata çatdırıldı. Yeni su anbarlarının inşası, subartezian quyularının qazılması suvarılan torpaqların ərazisini əhəmiyyətli səviyyədə artırmışdır. Eyni zamanda, Naxçıvan Muxtar Respublikasında və ölkəmizin 55 şəhər və rayon mərkəzlərində su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikilməsi üzrə layihələr həyata keçirilməkdədir.
Şübhəsiz ki, görülən işlərin kəmiyyəti daha genişdir. Kəmiyyət dəyişiklikləri ilə yanaşı, keyfiyyət dəyişiklikləri də baş verib. Artıq ölkəmiz dünya birliyinə, onun iqtisadi sisteminə geniş inteqrasiya edib, dünyada baş verən proseslərin ortaya qoyduğu reallıqları bölüşən iştirakçısına çevrilib. Bu reallıqlar zəminində dünya iqtisadiyyatında baş verən yeni iqtisadi təlatümlər və çağırışlar, sözsüz ki, ölkəmizdən də yan keçməyib. 2014-cü ilin ikinci yarısından  etibarən dünya enerji və əmtəə bazarlarındakı şokların mənfi fəsadları ölkə iqtisadiyyatında keyfiyyətcə yeni makroiqtisadi şəraiti formalaşdırmışdır. 
Dünya enerji bazarlarında təklifin artması, tələbin isə həmin artımla ayaqlaşa bilməməsi ölkə iqtisadiyyatı üçün əsas gəlir və valyuta daxilolmasının mənbəyi olan neftin qiymətinin hələ də aşağı səviyyədə qalmasını şərtləndirir. Bu, öz növbəsində xarici valyuta daxilolmalarının kəskin enməsinə səbəb olub. Cari il ərzində idxalın həcminin xeyli azalmasına baxmayaraq, hələ də yüksək səviyyədə qalması ölkəmizin tədiyyə balansının pisləşməməsinə gətirib çıxarıb. 
Sadalanan amillərlə yanaşı, carı ilin ötən dövründə ümumi daxili məhsulun azalması, bank sistemindəki qeyri-sabitlik, bir sıra bankların iflasa uğrayaraq bağlanması, iqtisadiyyatın banklar tərəfindən kreditləşməsi həcmlərinin nəzərə çarpan dərəcədə daralması ölkəmizin üzləşdiyi çağırışları səciyyələndirir.
Yaranmış makroiqtisadi vəziyyətə cavab olaraq Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi ilə 2017-ci ildən başlayaraq dayanıqlı iqtisadi artımın bərpası üçün cari ildə makroiqtisadi sabitliyin bərqərar olunması, struktur və institusional islahatların sürətləndirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilməkdədir. Bunlar pul siyasətinin və fiskal siyasətin daha sıx əlaqələndirilməsi, valyuta bazarlarında sağlam və dayanıqlı  maliyyə vasitəçiliyinin bərpa olunması, iqtisadiyyatın daha da şaxələndirilməsi, qeyri-neft ixracının artırılması və idxalın əvəzləşdirilməsi məqsədilə kənd təsərrüfatının, sənayenin artım sahələrini müəyyən edərək üstün qaydada inkişaf etdirməsi kimi tədbirləri özündə əks etdirir. Bu islahatların keçirilməsinə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə əvvəlki illərdə yaradılmış nəhəng maliyyə-iqtisadi potensial hesabına formalaşmış ehtiyatlar və mövcud ictimai-siyasi sabitlik etibarlı zəmin yaradır. Cari ilin sentyabr ayında Konstitusiyaya dəyişikliklərlə bağlı həyata keçirilmiş ümumxalq səsverməsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin yürütdüyü siyasətə və yeni şəraitə uyğun islahatyönlü inkişaf kursuna növbəti inamın və etimadın əyani göstəricisi olmuşdur.
Hörmətli millət vəkilləri, 2017-ci il büdcə və vergi siyasətinin əsas xüsusiyyətlərindən biri də əvvəlki illərdə yürüdülən fiskal yığcamlaşdırma siyasətinin gələn il də davam etdirilməsidir. Nəticə etibarilə Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin məbləği mərhələli şəkildə azaldılacaqdır. Müvafiq olaraq transfertin məbləği cari illə müqayisədə 1 milyard 515 milyon manat və ya 20 faizə qədər azalaraq 6,1 milyard manat olacaqdır. Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin həcminin 2014-cü ildə 2 milyard manat və ya 17,7 faiz, 2015-ci ildə 1,2 milyard manat və ya 12,9 faiz, 2016-cı ildə isə 0,5 milyard manat və ya 6,3 faiz azalmasına nail olunmuşdur. Bunu da böyük həcmdə infrastruktur-investisiya layihələrinin yerinə yetirildiyini nəzərə alaraq yaranmış makroiqtisadi şəraitə uyğun hesab etmək olar.
Xərclərin optimallaşdırılaraq səmərəliyinin daha da artırılması, əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi, mühüm investisiya layihələrinin həyata keçirilməsi və xarici öhdəliklərin vaxtında icrası, bütün sosial öhdəliklərin yerinə yetirilməsi 2017-ci il dövlət büdcəsinin öncül hədəfləri olmaqla, onların həyata keçirilməsi üçün maliyyə təminatı yaradılacaqdır.
2017-ci il üçün dövlət və icmal büdcələrin layihələrinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı makroiqtisadi proqnoza müvafiq olaraq ümumi daxili məhsulun 1 faizlik, qeyri-neft ümumi daxili məhsulun isə 2,5 faizlik real artımı nəzərə alınmış, gəlirlərin hesablanması üçün bir barel xam neftin orta illik satış qiyməti 40 ABŞ dolları səviyyəsində qəbul edilmişdir.
Hörmətli millət vəkilləri, Tarif Şurasının qərarı ilə bir sıra enerji məhsulları üzrə diferensiallaşdırılmış tariflərin tətbiqi nəzərdə tutulub. Bununla əlaqədar 2017-ci ilin dövlət büdcəsinin Milli Məclisə təqdim olunmuş layihəsində nəzərdə tutulan gəlirlərin və ona müvafiq olaraq xərclərin 300 milyon manat artırılması təklif edilir. Təklif qəbul olunduğu təqdirdə həmin vəsaitin əhəmiyyətli hissəsi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin tapşırığına uyğun olaraq əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinə yönəldiləcəkdir. Bununla əlaqədar 2017-ci il üçün nəzərdə tutulan ehtiyac meyarının  həddinin 10, 5 faiz artırılması nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, icazənizlə 2017-ci il dövlət büdcəsinin göstəriciləri barədə qısa məlumatı diqqətinizə çatdırım. Yuxarıda qeyd etdiyim artımlar da nəzərə alınmaqla 2017-ci il dövlət büdcəsinin gəlirləri 16 milyard 255 milyon manat məbləğində olmaqla cari ilin proqnozuna nisbətən 567 milyon manat və ya 3,4 faiz azdır. Neft sektorundan daxilolmalar üzrə proqnozların azalması fonunda dövlət büdcəsi gəlirlərinin 8,3 milyard manatı və ya 51,2 faizi qeyri-neft sektorundan daxilolmaların payına düşəcək ki, bu da cari illə müqayisədə 718 milyon manat və ya 9,5 faiz çoxdur.
Növbəti ildə Vergilər Nazirliyinin xətti ilə dövlət büdcəsinə 7 milyard 510 milyon manat daxilolma proqnozlaşdırılır ki, bu da  cari illə müqayisədə 500 milyon manat və ya 7,1 faiz çox deməkdir. Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə 2 milyard 200 milyon manat vəsaitin daxil olacağı nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 390 milyon manat və ya 21,5 faiz çoxdur. Əvvəl qeyd etdiyim kimi, Dövlət Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfert 6,1 milyard manat təşkil edəcəkdir. Büdcə təşkilatlarının ödənişli xidmətlərindən 353 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 48 milyon manat və ya 15,7 faiz çoxdur. Sair daxilolmalar üzrə 92 milyon manat vəsaitin daxil olması gözlənilir.
2017-ci il dövlət büdcəsinin xərcləri qeyd etdiyim artımlar da nəzərə alınmaqla 16 milyard 900 milyon manat təşkil edəcək ki, bu da cari illə müqayisədə 1 milyard 595 milyon manat və ya 8,6 faiz azdır. Dövlət büdcəsi xərclərinin 10 milyard 45 milyon manatı cari xərclərə, 5 milyard 213 milyon manatı əsaslı xərclərə, 1 milyard 642 milyon manatı dövlət borcuna xidmətlə bağlı xərclərə yönəldiləcəkdir.
Orta müddətli dövrdə Dövlət Neft Fondundan transfert cəlb edilmədən, yəni vergi və rüsumlardan daxilolmalar hesabına örtülməsi ilə bağlı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşıya qoyduğu vəzifələrə uyğun olaraq cari xərclərin 2016-cı illə müqayisədə 2,1 milyard manat və ya 17 faiz azalmasına nail olunub. 2017-ci il dövlət büdcəsi xərclərinin 5 milyard 916 milyon manatı və ya 35 faizi konkret proqram və tədbirlərin maliyyələşdirilməsinə sərf olunacaq.
Möhtərəm Prezidentimizin xərclərin sosial yönümlülüyünün təmin edilməsi ilə bağlı müəyyən etdiyi hədəflərə nail olmaq üçün növbəti ilin dövlət büdcəsi xərclərinin 40,7 faizi həmin xərclərə yönəldiləcəkdir ki, bu da 2016-cı illə müqayisədə 6,2 faiz çoxdur. Cari illə müqayisədə bu xərclər 492 milyon manat və ya 7,7 faiz artaraq 6 milyard 886 milyon manat təşkil edəcəkdir.
Ümumtəhsil məktəblərində çalışan müəllimlərin əmək haqlarının əhəmiyyətli dərəcədə artırılması ilə bağlı əvvəlki ildə başlanılmış diaqnostik qiymətləndirmə işlərinin 2017-ci ildə də davamı üçün müvafiq məbləğdə vəsait proqnozlaşdırılır.
Qaçqınların və məcburi köçkünlərin sosial müdafiəsi, onların məskunlaşma, yaşayış şəraitinin yaxşılaşdırılması üçün dövlət büdcəsi, Dövlət Neft Fondunun büdcəsi və xaricdən cəlb edilmiş kreditlər hesabına 294 milyon manat vəsait yönəldiləcəkdir. Sosial mənzillər və güzəştli ipoteka proqramının tətbiqi üçün 100 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur.
Növbəti ildə müdafiə xərclərinə 2017-ci ilin dövlət büdcəsi xərclərinin 16,4 faizi həcmində vəsait nəzərdə tutulub. Cari illə müqayisədə bu xərclər 2,9 faiz və yaxud 77 milyon manat çox olacaqdır.
Kənd təsərrüfatının, onun aparıcı sahələrindən olan pambıqçılığın, taxılçılığın, tütünçülüyün və baramaçılığın kompleks inkişafının daha da vüsət alması üçün növbəti ilin dövlət büdcəsindən müvafiq məbləğdə vəsait ayrılacaqdır. Ərzaq təhlükəsizliyi ilə bağlı tədbirlərin icrası üçün 190 milyon manat, pambıqçılığın inkişafı və xüsusi təyinatlı kənd təsərrüfatı texnikasının alınması üçün məqsədli olaraq 200 milyon manat, suvarma sistemləri layihələrinin icrası üçün Dövlət Neft Fondunun büdcəsindən və xaricdən cəlb edilmiş kreditlər hesabına 150 milyon manat vəsaitin yönəldilməsi nəzərdə tutulur. Ölkənin qeyri-neft məhsullarının ixracının təşviqi üçün gələn il 10 milyon manat vəsait yönəldiləcəkdir.
Dövlət büdcəsinin 2017-ci ildə əsaslı xərcləri 5,2 milyard manat məbləğində proqnozlaşdırılır ki, onun da 2,5 milyard manatı dövlət əsaslı vəsait qoyuluşu xərclərinə sərf ediləcəkdir. 2017-ci ilin dövlət büdcəsində dövlət borclarına xidmətlə bağlı xərclər üçün 1 milyard 642 milyon manat vəsait proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 133 milyon manat və ya 7,5 faiz azdır. Xarici dövlət borcunun ümumi daxili məhsula olan nisbətinin 2 dəfə artması, ümumi daxili məhsulun ABŞ dolları ifadəsində mütənasib şəkildə azalması xarici borcun xarici valyutada ifadə olunmaqla sabit qalması ilə izah olunur. Digər tərəfdən, iri transmilli layihələrin həyata keçirilməsində Azərbaycanın iştirakı, – söhbət Cənub Qaz Dəhlizi layihəsindən gedir, – ölkənin xarici borclanmaya gedilməsini labüd edir. Bu borclanmanın geri qaytarılması həmin layihə hesabına nəzərdə tutulsa da, layihə üzrə dövlət zəmanətlərinin verilməsi nəticə etibarı ilə xarici dövlət borcunun artırılmasını qaçılmaz edəcəkdir.
Növbəti ildə beynəlxalq fəaliyyət və beynəlxalq təşkilatlara üzvlük haqları ilə bağlı xərclər üçün 229 milyon manat, xarici ölkələrdə fəaliyyət göstərən diplomatik xidmət orqanlarının saxlanılması ilə bağlı xərclər üçün 102 milyon manat vəsait ayrılacaqdır. Beynəlxalq maliyyə-kredit təşkilatlarının səhm kapitalında iştirak üçün 55 milyon manat, beynəlxalq fəaliyyət üçün 20 milyon manat, xarici dövlətlərə kreditlərin verilməsi üçün 52 milyon manat vəsait nəzərdə tutulur.
2017-ci il dövlət büdcəsi gəlirlərinin tərkib hissəsi olan yerli gəlirlər 620 milyon təşkil edəcəkdir. Növbəti il üçün rayon və şəhərlərin yerli xərcləri 689 milyon manat proqnozlaşdırılır ki, bu da cari illə müqayisədə 850 milyon manat və ya 55,2 faiz azdır. Azalmanın əsas səbəbi təhsil və mədəniyyət xərclərinin mərkəzləşdirilmiş xərclərə aid edilməsi ilə bağlıdır.
Növbəti il üçün dövlət büdcəsinin kəsiri 645 milyon manat məbləğində və ümumi daxili məhsulun 1,1 faizi həcmində müəyyən edilir. Dövlət büdcəsinin kəsirinin maliyyələşdirilməsi, əsasən, özəlləşdirmə, xarici qrantlar, xarici və daxili borcalmalar hesabına həyata keçiriləcəkdir.
Hörmətli millət vəkilləri, qısa da olsa icmal büdcənin əsas parametrləri barədə məlumat vermək istərdim. 2017-ci il icmal büdcəsinin gəlirləri yenilənmiş rəqəmlərlə 20 milyard 21 milyon manat, cari ilə nisbətən 5 milyard 860 milyon manat və ya 41,4 faiz çox, xərcləri isə 21 milyard 267 milyon manat, cari ilə nisbətən 3 milyard 299 milyon manat və ya 13,4 faiz az nəzərdə tutulub.
İcmal büdcəyə daxil olan Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin gəlirləri və xərcləri bərabər olmaqla 3,4 milyard manat təşkil edəcəkdir. Fondun xərclərinin 1 milyard 270 milyon manatı və ya 37,4 faizi dövlət büdcəsindən ayrılan transfert hesabına örtüləcəkdir.
Dövlət Neft Fondunun büdcəsinin xərcləri 6 milyard 951 milyon manat nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 3 milyard 685 milyon manat və ya 34,6 faiz azdır. Dövlət büdcəsinə ayrılan transfertlə yanaşı, növbəti ildə bir sıra investisiya layihələrinin maliyyələşdirilməsi üçün Dövlət Neft Fondundan 851 milyon manat vəsait yönəldilir. Bunlar, əsasən, qaçqınların və məcburi köçkünlərin sosial məişət və məskunlaşma məsələləri, Samur–Abşeron suvarma sisteminin yenidən qurulması, Bakı–Tbilisi–Qars dəmiryolu ilə bağlı layihələrin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərcləri bərabər olmaqla 348 milyon manat proqnozlaşdırılır. Xərclərin 20 faizi və ya 69,5 milyon manatı Naxçıvan Muxtar Respublikasının öz gəlirləri, 80 faizi və ya 279 milyon manatı isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına formalaşacaqdır. Eyni zamanda, qeyd olunmalıdır ki, aparılmış yığcamlaşdırma siyasətinə uyğun olaraq 2017-ci ilin dövlət büdcəsi xərclərinin 8,6  faiz, icmal büdcə xərclərinin isə 13,4 faiz azalmasına baxmayaraq, Naxçıvan Muxtar Respublikası üzrə bu göstərici cəmi 0,8 faiz təşkil edəcəkdir. Növbəti ildə icmal büdcənin kəsiri ümumi daxili məhsulun 3 faizindən çox olmamaqla proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, əvvəlki illərin büdcəsindən öz yığcamlığı ilə fərqlənən 2017-ci ilin dövlət büdcəsi layihəsi ölkənin üzləşdiyi yeni makroiqtisadi çağırışları və reallıqları əks etdirir. Bu layihənin qəbul olunması Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə makroiqtisadi sabitliyi təmin edərək dayanıqlı və inklüziv iqtisadi artımın bərpa olunması üçün hökumət tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsinə zəmin yaradacaqdır. Bunları nəzərə alaraq hörmətli millət vəkillərini 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqtisadiyyat naziri Şahin Mustafayev buyursun.
Ş.Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
 Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri! Bu gün müzakirənizə təqdim olunan Azərbaycan Respublikasının 2017-ci il və sonrakı 3 il üzrə iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəriciləri “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dünya iqtisadiyyatının inkişaf meylləri, ölkənin sosial- iqtisadi inkişafı üzrə mövcud çağırışlar, dövlət proqramları və konsepsiyaları nəzərə alınmaqla hazırlanmışdır.
Məlum olduğu kimi, dünyada baş verən mürəkkəb geosiyasi və iqtisadi proseslər, xam neftin qiymətinin kəskin şəkildə azalması, əsas ticarət tərəfdaşlarımızın milli valyutalarının devalvasiyası və digər mənfi amillər Azərbaycan iqtisadiyyatına öz təsirini göstərmiş, ixrac gəlirlərini azaltmış, manata təzyiqi artırmış, üzən məzənnəyə keçid elan edilmiş, problemli kreditlər və xarici valyutada öhdəliklər manat ifadəsində artmışdır.
Belə şəraitdə valyuta ehtiyatlarından və büdcə vəsaitlərindən səmərəli istifadənin, konservativ borclanmanın, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasının, sahibkarlığın inkişafının sürətləndirilməsinin əhəmiyyəti artır. Buna görə də diqqətinizə təqdim edilmiş konsepsiyada koordinasiyanın gücləndirilməsi və makroiqtisadi sabitliyin təmin edilməsi, milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi və biznes mühitinin daha da yaxşılaşdırılması, ölkə iqtisadiyyatının diversifikasiyasının sürətləndirilməsi, qeyri-neft məhsullarının ixracının genişləndirilməsinə idxalın əvəz olunması, regionların davamlı və tarazlı inkişafının təmin edilməsi, mövcud durumda əhalinin həssas qruplarının sosial təminatının gücləndirilməsi və sosial yönümlü siyasətin davamlılığının təmin edilməsi prioritet olaraq müəyyən edilmişdir.
Bu prioritetlər üzrə öncəki illərdə aparılmış məqsədyönlü siyasətin və görülmüş işlərin davamı, eləcə də yeni çağırışlara cavab olaraq Prezident İlham Əliyevin təşəbbüsü ilə islahatlar sürətlənmiş, koordinasiyanın gücləndirilməsi üçün Maliyyə Sabitliyi Şurası yaradılmış, biznes mühitinin daha da yaxşılaşdırılması üzrə mühüm qərarlar verilmiş, idarəetmə sisteminin təkmilləşdirilməsi davam etdirilmişdir. Hazırda ölkədə yeni iqtisadi şəraitə adaptasiya və iqtisadiyyatın strukturunun yenidən balanslaşdırılması prosesi davam etməkdədir. Bütün bu amillər, o cümlədən neftin qiymətinin dinamikası, Dövlət Neft Fondunun ehtiyatlarının qorunması ilə məhdudlaşdırılmış makro-fiskal çərçivə, habelə iqtisadiyyatın diversifikasiyası və struktur islahatlarının sürətləndirilməsi üzrə tədbirlər nəzərə alınmaqla İqtisadiyyat Nazirliyi tərəfindən  müxtəlif ssenarilər təhlil edilərək proqnozlar hazırlanmışdır.
Beynəlxalq təşkilatların neftin dünya bazar qiymətləri üzrə proqnozları təhlil edilərək 2017-ci il və növbəti illər üçün neftin büdcədə qiyməti 40 dollar qəbul olunub. Məlumat üçün bildirirəm ki, Beynəlxalq Valyuta Fondunun 2017-ci il üzrə müvafiq proqnozu 50,6 dollar, Dünya Bankının proqnozu isə 55,2 dollar müəyyən edilib. Koordinasiyalı və sistemli islahatlar, bank sektorunun sağlamlaşdırılması və səmərəli fəaliyyətinin təmin olunması, onlara inamın bərpası, valyuta bazarında gözləntilərin səmərəli idarə olunması, idxalın məhdudlaşdırılması və hər hansı yeni xarici iqtisadi şokun yaşanmaması, növbəti ildə inflyasiyanın birrəqəmli olması iqtisadi artımın bərpası üçün əsas şərtlərdir.
Mövcud risklər, habelə neft sektorunun azalan, qeyri-neft sektorunun artan təsirləri nəzərə alınmaqla, 2017-ci ildə ümumi daxili məhsulun 1 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən çox artacağı proqnozlaşdırılır. Gələn il hasilatın aşağı salınması nəticəsində neft sektorunun 2,1 faiz azalacağı gözlənilir. Növbəti ildə fiskal konsolidasiya fonunda tədiyyə balansının cari hesabının müsbət – 341,6 milyon dollar olacağı proqnozlaşdırılır. “Şahdəniz” layihəsinin ikinci mərhələsi üzrə qaz hasilatına 2018-ci ildən başlanması isə tədiyyə balansının cari hesabının müsbət saldosunun artımına xidmət edəcəkdir. Ölkə iqtisadiyyatının prioritet sahəsi olan qeyri-neft sektorunun 2017-ci ildə 2,5 faiz, növbəti illərdə isə orta hesabla 2 faizdən yuxarı artımı proqnozlaşdırılır. Ümumi daxili məhsulda qeyri-neft sektorunun xüsusi çəkisi 68 faizə çatacaqdır.
Qeyri-neft sektorunun inkişafında, iqtisadiyyatın şaxələndirilməsində qeyri-neft sənayesi əhəmiyyətli rol oynayır. Son illərdə ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuş, yüzlərlə müasir istehsal və emal müəssisələri fəaliyyətə başlamışdır. Eyni zamanda, sənaye parklarının yaradılması, o cümlədən Sumqayıt kimya, Balaxanı, Mingəçevir, Qaradağ və Pirallahı sənaye parklarında müvafiq infrastrukturun qurulması və rezidentlərin cəlb olunması istiqamətində görülən işlər, sənaye məhəllələrinin yaradılması, sözsüz ki, qeyri-neft sənayesinin davamlı inkişafı üçün möhkəm zəmin yaradır. Sumqayıt Kimya Sənaye Parkının yaradılmasından qısa zaman keçməsinə baxmayaraq, layihələrinin ümumi dəyəri 1,1 milyard dollar təşkil edən 9 müəssisəyə rezident statusu verilmişdir.
Bunlardan investisiyanın ümumi həcmi 83,4 milyon dollar olan polad və polietilen boru, mexaniki və hidro-texniki avadanlıqlar istehsal edən “Azərtexnolayn” zavodu fəaliyyətə başlamış və artıq ümumi istehsalın 75 faizini ixrac etmişdir. Müəssisədə 700 nəfər işlə təmin olunmuşdur. 2017-ci ildə parkda yüksək təzyiqlə davamlı fitinqlər və digər məhsullar istehsal edəcək MCT Engineering Services, tikinti məhsulları və qatqılarını istehsal edən silisium və kalsium istehsalat müəssisəsi, yüksək keyfiyyətli sintetik və yarımsintetik sürtgü yağları istehsal edəcək Argolubricant Company, pestisid və aqrokimyəvi məhsullar istehsal edəcək “Aqrokimya Azərbaycan” MMC, 2018-ci ildən isə polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edəcək “SOCAR Polymer”, ərintilər istehsal edəcək Bakı əlvan metallar və ferioərintilər şirkəti və şüşə lövhələr istehsal edəcək “Azərflot” müəssisəsi fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə ümumilikdə 700-dən çox yeni iş yeri yaradılacaqdır. Hazırda bu müəssisələrin tikintisinə 1300-dən çox işçi cəlb olunmuşdur.
Bundan başqa, azot gübrəsi istehsal edəcək karbamid zavodunun da 2018-ci ilin birinci yarısında istifadəyə verilməsi və zavodda 500-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Balaxanı Sənaye Parkında ümumi investisiyaların həcmi 22,3 milyon manat olan tullantıların təkrar emalı üzrə 5 müəssisə 2017-ci ilin birinci yarımilliyində fəaliyyətə başlayacaqdır. Bu müəssisələrdə 400-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, əczaçılıq sənayesinin inkişafı və idxaldan asılılığın azaldılması, əhalinin dərman vasitələrinə tələbatının ödənilməsi məqsədi ilə yaradılmış Pirallahı Sənaye Parkında ilk əczaçılıq zavodunun təməli qoyulmuşdur. Dəyəri 74 milyon dollar olan zavodda 58 təsiredici maddə üzrə 89 çeşiddə dərman istehsal olunacaq və daha iki əczaçılıq zavodunun yaradılması işlərinə də başlanılacaqdır.
Ölkə başçısının təməlqoyma mərasimində iştirak etdiyi Mingəçevir Sənaye Parkında yüngül sənaye məhsulları, o cümlədən iplik, boyama, toxuma, tikiş, corab və ayaqqabı istehsalı üzrə 9 fabrikin yaradılması ilə 200 milyon dollardan çox investisiya qoyuluşu və 2 mindən çox yeni iş yerinin açılması nəzərdə tutulur. Vacib amillərdən biri də odur ki, ixracyönümlü məhsul istehsal edəcək bu zavodlar üçün xammal bazası yerli məhsulların hesabına təmin olunacaqdır.
Neftçala Sənaye Məhəlləsində kənd təsərrüfatı təyinatlı qurğuların, modul tipli məktəb binalarının, polietilen boruların istehsalına cari ilin sonuna qədər, balıq yemi və avtomobil istehsalına isə 2017-ci ilin birinci yarısında başlanılacaqdır. Ümumi dəyəri 40 milyon manata yaxın olan bu layihələrin həyata keçirilməsi 500 yeni iş yerinin yaradılmasına imkan verəcəkdir. Masallı Sənaye Məhəlləsinə də sahibkarlar böyük maraq göstərir və artıq dəyəri 30 milyon manatdan çox olan 33 layihə təqdim olunmuşdur.
Bütün bu işlər qeyri-neft sənayesi məhsulları üzrə idxaldan asılılığı əhəmiyyətli dərəcədə azaltmaqla yanaşı, ixrac potensialının genişləndirilməsinə imkan yaradacaqdır. Bütövlükdə 2017–20-ci illərdə qeyri-neft sənayesi üzrə orta hesabla 7,4 faiz artım proqnozlaşdırılır.
Qeyri-neft sektorunun aparıcı sahələrindən olan aqrar sektor üzrə 2017-ci ildə 4,9 faiz, növbəti 3 ildə orta hesabla 4,7 faiz artım proqnozlaşdırılır. Bildiyiniz kimi, kənd təsərrüfatı istehsalçıları torpaq vergisi istisna olmaqla digər vergilərdən azad ediliblər. Bununla yanaşı, fermer və sahibkarlara güzəştli şərtlərlə kredit, toxum, gübrə, texnika almaq imkanı yaradılır. Əkin sahələrində istifadə olunan yanacaq üçün subsidiyalar verilir. Yaradılmış potensialın daha da inkişaf etdirilməsi, xüsusilə aqrar sahədə ixrac yönümlü məhsulların istehsalının genişləndirilməsi məqsədi ilə hazırda baramaçılıq, pambıqçılıq, çayçılıq və tütünçülüklə məşğul olan sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi, o cümlədən subsidiyaların verilməsi qərara alınmışdır.
Bundan əlavə, Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən barama toxumları, fındıq pöhrələri məhsul istehsalçılarına əvəzi ödənilmədən paylanılacaq. Pambıq, tütün, şəkər çuğunduru, fındıq, çay, barama və digər  kənd təsərrüfatı məhsulları daxil olmaqla 13 sahəni əhatə edən xüsusi proqramlar hazırlanıb.
Aqrar sektorun inkişafında aqroparkların və müasir iri fermer təsərrüfatlarının yaradılması mühüm əhəmiyyət kəsb edir. Belə ki,  Şəmkir aqroparkında birinci mərhələ üzrə işlər davam etdirilir, Xaçmaz rayonunda isə birinci mərhələ üzrə işlər yekunlaşıb. Məlumat üçün bildirirəm ki, respublikanın 19 rayonunda 116,7 min hektar ərazidə əlavə 26 aqroparkın yaradılması təşviq olunur. Bu aqro-parklarda müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin yaradılması nəzərdə tutulur. Növbəti illərdə də kənd təsərrüfatında davamlı artımın təmin edilməsi üçün dövlət dəstəyi tədbirlərinin davam etdirilməsi, kənd təsərrüfatına yararlı torpaqlardan və  su resurslarından daha səmərəli istifadə olunması, intensiv metodların, müasir texnologiyaların tətbiqinin genişləndirilməsi, yeni komplekslərin yaradılması nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, xidmətlər sektorunda artım 2017-ci ildə 2,2 faiz, növbəti illərdə isə 2,3 faiz proqnozlaşdırılır. Turizmin inkişafı, onun  iqtisadiyyatın rəqabətədavamlı  sahəsinə çevrilməsi istiqamətində son illər görülən işlər, turistlərin tələbatının ödənilməsi üçün zəruri xidmətlərin təşkili, o cümlədən elektron vizaların verilməsi, xarici vətəndaşların ölkə daxilində ödədikləri əlavə dəyər vergisinin qaytarılması mexanizminin tətbiqi, həmçinin ölkəmizdə beynəlxalq tədbirlərin keçirilməsi ölkəyə turist  axınının artması üçün əlavə imkanlar yaradır. 2017–2020-ci illər ərzində turizm sektorunun orta hesabla 7,5 faiz artacağı proqnozlaşdırılır.
İnformasiya və rabitə sektorunda 2017-ci ildə 6,7 faiz, növbəti illərdə isə orta hesabla 5 faizdən yuxarı artım gözlənilir. İnformasiya cəmiyyətinin inkişafına dair 2016–2020-ci illər üzrə dövlət proqramına əsasən İKT xidmətlərinin keyfiyyətinin, onlara çıxış imkanlarının və ölkənin tranzit informasiya dəhlizi potensialının artırılması, beynəlxalq internet magistrallarına alternativ və yüksək sürətli birləşmələrin təmin edilməsi, informasiya cəmiyyəti quruculuğunda dövlət-sahibkar-vətəndaş tərəfdaşlığının gücləndirilməsi bu sahədə əlavə imkanlar yaradacaqdır.
Böyük potensiala malik olan nəqliyyat sektorunda regional və yerli əhəmiyyətli infrastruktur layihələrin, o cümlədən Bakı–Tbilisi–Qars, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Mülki Hava və Dəniz Nəqliyyatı Donanmasının yenilənməsi nəqliyyat sektorunda artıma imkan yaradacaqdır. Bununla yanaşı, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri üzrə işlər davam etdiriləcəkdir.
Məlumat üçün bildirirəm ki, İran sərhədində dəmir yolunun inkişafı başa çatdırılıb, hazırda sınaqlar keçirilir.  Ölkəmizin tranzit cəlbediciliyinin artırılması və tranzit yükdaşımaları üzrə daha əlverişli şəraitin yaradılması məqsədi ilə Tranzit Yükdaşımaları üzrə Koordinasiya Şurası tərəfindən sərhəd-keçid prosedurları və qaydaları sadələşdirilmiş, tranzitlə bağlı  xərclər azaldılmış, tarif siyasətində şəffaflıq təmin edilmişdir. Görülən işlər nəticəsində ölkə ərazisindən keçən tırların sayı ötən illə müqayisədə 2,4 dəfə çox olmuşdur. Qeyri-neft sektorunun inkişafı üçün xüsusi əhəmiyyəti olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisi də daxil olmaqla xüsusi iqtisadi zonanın yaradılması ilə bağlı işlərə başlanılmışdır.  Nəqliyyat sektorunda gələn il 2,9 faiz, növbəti 3 ildə orta hesabla 4 faiz artım gözlənilir.
Tikintidə cari ildə dövlət investisiyalarının aşağı düşməsi nəticəsində gözlənilən azalma təqribən 20 faiz civarında olacaq. 2017-ci ildə isə azalmanın əhəmiyyətli dərəcədə səngiməsi proqnozlaşdırılır. Belə ki, gələn il əsas kapital investisiya qoyuluşları real ifadədə 3,5 faiz azalaraq 15,3 milyard manat, “Şahdəniz” qaz yatağı üzrə investisiyaların  cari ildə pik həddinə çatmasından sonra enməsi ilə bağlı xarici investisiyalar 9,1 faiz azalaraq 9,2 milyard manat, özəl investisiyaların artımı ilə daxili investisiyaların 6,4 faiz artaraq 6,1 milyard manat olacağı proqnozlaşdırılır. Növbəti il neft sektoruna 9,7 milyard, qeyri-neft sektoruna isə 5,6 milyard manat investisiya yatırılacağı gözlənilir.
2017-ci ildə dövlət investisiyalarında dövlət büdcəsinin imkanlarının məhdud olmasına baxmayaraq, bir sıra infrastruktur layihələr davam etdiriləcək, ölkə üçün əhəmiyyətli olan yeni Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, Ələt–Astara avtomobil yolunun tikintisi başa çatdırılacaqdır. Kənd yollarının təmir-tikintisinin əvvəlki illərdə olduğu həcmdə davam etdirilməsi nəzərdə tutulur. Dövlət başçısının xüsusi tapşırığına uyğun olaraq nəzərdə tutulan bütün sosial layihələr davam etdiriləcəkdir. Belə ki, bir sıra xəstəxana, məktəb və uşaq bağçalarının təmir-tikintisi başa çatdırılacaq. Təhsil Nazirliyinin hazırladığı 2 illik proqrama əsasən ölkənin bölgələrində qəzalı və azkomplektləşdirilmiş məktəblərin təmir-tikintisi və yenidən qurulması işləri maliyyələşdiriləcəkdir.
Bundan əlavə, sahibkarlığın inkişafı istiqamətində istehsal və emal sahələrində infrastruktur yaradılması məqsədi ilə vəsaitin ayrılması nəzərdə tutulur ki, bu da baramaçılıq, pambıqçılıq, çayçılıq, tütünçülük və digər sahələrdə çalışan sahibkarlara dövlət dəstəyidir. Həmçinin xüsusi kənd təsərrüfatı texnikasının alınması üçün zəruri vəsaitin ayrılması nəzərdə tutulur.
Cari ildən tətbiq olunan investisiya təşviqi mexanizmi özəl investisiyaların artımına ciddi töhfə verəcəkdir. Belə ki, indiyə qədər sahibkarlara 8 iqtisadi rayon üzrə  79 investisiya təşviqi sənədi verilib və hazırda daha 14 layihəyə baxılır. Ümumilikdə investisiya təşviqi sənədi verilmiş bu layihələrin reallaşdırılması nəticəsində yerli istehsala 900 milyon manatdan çox investisiya yatırılacaq və 6 mindən çox yeni iş yeri açılacaqdır. Layihələr qeyri-neft sektorunun müxtəlif sahələrini, o cümlədən kənd təsərrüfatını, yüngül və qida sənayesini, tikinti materiallarını və digər sahələri əhatə edir. 
Mühüm sosial əhəmiyyət kəsb edən  və tikinti sektorunun inkişafında rol oynayan ipoteka kreditləşməsi sistemi növbəti illərdə də genişləndiriləcək. Yeni yaradılmış Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən sosial mənzillərin tikilməsi aztəminatlı və gənc ailələrin mənzil probleminin həllinə, həmçinin məşğulluğa töhfə verəcəkdir. Qeyd edilən məqsədlər üçün 2017-ci ilin büdcəsində 100 milyon manat nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, ölkə başçısı tərəfindən sahibkarlığın inkişaf etdirilməsi, biznes  mühitinin davamlı olaraq yaxşılaşdırılması ilə bağlı verilən qərarlar və həyata keçirilən sistemli tədbirlər iqtisadiyyatın davamlı inkişafının  təmin olunması baxımından strateji xarakter daşıyır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun tətbiqindən sonra vergi yoxlamaları istisna olmaqla cəmi 67 yoxlama keçirilmişdir. Müqayisə üçün bildirirəm ki, ötən ilin müvafiq dövründə yoxlamaların sayı 67 mindən çox olmuşdur. İqtisadiyyat Nazirliyi tərəfindən yeni qaydalara əsasən “ASAN xidmət” mərkəzlərində cari ilin ötən dövrü ərzində 3 minə yaxın lisenziya verilmişdir. “Lisenziyalar və icazələr haqqında” Qanuna əsasən verilən icazələrin dairəsi dəqiq müəyyən edilmiş, onların sayı təqribən 4 dəfə azalaraq 87-yə endirilmişdir.
Biznes və investisiya mühitinin  yaxşılaşdırılması istiqamətində həyata keçirilən kompleks tədbirlərlə bərabər, sahibkarlıq subyektlərinin əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin edilməsi vacib məsələlərdəndir. Bununla əlaqədar bank sisteminin etibarlığının artırılması, milli valyutaya inamın bərpa edilməsi və iqtisadi  vahidlərin gözləntilərinin idarə edilməsi, normativ hüquqi bazanın beynəlxalq təcrübə və iqtisadiyyatın xüsusiyyətləri nəzərə alınmaqla təkmilləşdirilməsi qarşıya qoyulmuş əsas vəzifələrdəndir.
Özəl sektorun uzun müddətli  və əlverişli şərtlərlə  maliyyə resurslarına çıxışının təmin olunmasında mühüm rolu olan Sahibkarlığa Kömək Milli Fondu tərəfindən  indiyə qədər ümumi dəyəri 4 milyard manatdan çox olan investisiya layihəsinin icrası üçün 32500-dən çox sahibkara 2 milyard manata qədər güzəştli kredit verilmiş, 150 minə yaxın yeni iş yeri yaradılmışdır. Güzəştli kreditlərin 51,4 faizi büdcə, 48,6 faizi isə geri qaytarılan vəsaitlər hesabına, 70 faizi aqrar sektorun, 30 faizi  digər sahələrin inkişafına verilmişdir. Həyata keçirilmiş işlərin nəticəsində özünü təminetmə səviyyəsi süd məhsullarında 80 faizə, quşçuluqda 100 faizə,  tərəvəz üzrə 104 faizə, meyvə üzrə  109 faizə çatmış, tikinti materialları,  əsasən, özünü təminetməyə imkan yaratmışdır. Bundan əlavə, bir sıra məhsullar üzrə ixrac imkanı yaranmış, tərəvəz ixracı 84  min, meyvə ixracı isə 82 min tona çatmışdır.
1 dekabr tarixinə Sahibkarlığa Kömək Milli Fondunun kredit portfeli 1 milyard manat təşkil edir və müvəkkil kredit təşkilatlarının fond qarşısında 52 milyon manat vaxtı keçmiş əsas kredit borcu vardır ki, bu da indiyə qədər verilmiş güzəştli kreditlərin 2,6 faizini, fondun kredit portfelində isə 5,1 faizi təşkil edir. Bu kreditlər bağlanan 12 bankın öhdəlikləridir. 2016-cı ilin  ötən dövrü ərzində 2400-ə qədər sahibkara 52,3 milyon manat büdcə, 104,8 milyon manat geri qaytarılan olmaqla cəmi 157,1 milyon manat, o cümlədən  2300-dən çox kiçik həcmli  layihələrə 22 milyon manat güzəştli kreditlər verilmişdir. Bu kreditlər hesabına 7700 yeni iş yeri yaradılmışdır.
Bundan başqa, istehsal sahələri üçün zəruri infra-strukturun dövlət tərəfindən yaradılması və sahibkarlıq subyektlərinin  kommunal xidmətlərə qoşulmasının asanlaşdırılması xərclərin azaldılması ilə bağlı sahibkarlığın inkişafına, habelə “Doing Business” hesabatında ölkə reytinqinin artmasına ciddi töhfə verəcəkdir. Məlumat üçün bildirirəm ki, ölkəmiz “Doing Business – 2017” hesabatında dünyada 3 və daha çox islahat aparan 29 ölkədən  biri olmuşdur. Eyni zamanda, ötən il ərzində həyata keçirilmiş uğurlu islahatlar nəticəsində Azərbaycan 190 ölkənin biznes mühitinin qiymətləndirildiyi hesabatda 4 göstərici üzrə mövqeyini yaxşılaşdırmışdır.
Hörmətli millət vəkilləri, diversifikasiyanın sürətləndirilməsi və qeyri-neft məhsullarının ixracının təşkili ilə bağlı ölkə başçısının tapşırıqlarına uyğun olaraq ixrac təşviqinin  ödənilməsi mexanizmi çərçivəsində geniş miqyaslı dövlət dəstəyi tədbirləri həyata keçirilməkdədir. Qeyri-neft məhsullarının ixracının təşviqi və xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların  araşdırılması və marketinq fəaliyyətinə, “Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli  şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patentlər almasına, ixracla əlaqəli tədqiqat, inkişaf və proqram layihələrinə çəkilən xərclərin bir hissəsinin dövlət büdcəsi hesabına ödənilməsi bu istiqamətdə geniş imkanlar açacaqdır. 
Bildirmək istərdim ki, artıq şərab istehsalı və ixracı ilə məşğul olan yerli şirkətlərin ilk ixrac missiyası cari ilin noyabr ayında Çin Xalq Respublikasında təşkil olunmuşdur. Səfər zamanı yarım milyon  şərabın Çinə ixrac olunması barədə razılıq əldə olunmuşdur.  Növbəti belə ixrac missiyası Birləşmiş Ərəb Əmirliklərinin  Dubay şəhərinə təşkil edilmişdir. Yerli məhsulların xarici bazarlara çıxarılması prosesinin daha da asanlaşdırılması üçün Azərbaycanın xarici ölkələrdəki ilk loqistika mərkəzi Qazaxıstanın Aktau şəhərində yaradılmışdır. Digər mərkəzlərin  təşkil edilməsi işi davam etdiriləcəkdir.
Digər tərəfdən, daxili bazarın qorunması məqsədi ilə özünü təmin etmək səviyyəsi ilə yerli istehsal potensialı yüksək olan malların, o cümlədən bir sıra kənd təsərrüfatı və emal məhsullarının, inşaat materiallarının idxalına tətbiq olunan gömrük rüsumları artırılmışdır. Eyni zamanda, yerli istehsala zərər vuran  dempinq ilə subsidiyalaşdırılan idxala qarşı yeni qəbul olunmuş “Antidempinq,  kompensasiya və mühafizə tədbirləri haqqında” Qanuna əsasən tədbirlər görüləcəkdir.
Hörmətli millət vəkilləri, satınalmalarda dövlət vəsaitindən səmərəli və qənaətlə istifadə edilməsi, müsabiqə və aşkarlıq əsasında bütün mal göndərənlərlə bərabər rəqabət mühitinin yaradılması üçün aparılan islahatlar və bu sahədə şəffaflığın təmin edilməsi istiqamətində görülmüş işlər nəticəsində ötən ilin müvafiq dövrü ilə müqayisədə keçirilmiş  açıq tenderlərin sayı 57,4 faiz, açıq tender üsulu ilə satınalmanın məbləği 2 dəfə, 1 oktyabr tarixinə elan olunmuş açıq tenderlərin sayı isə 5,3 dəfə artmışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanına uyğun olaraq İri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyətində şəffaflığın artırılması və səmərəliliyin yüksəldilməsinə dair tədbirlər planı təsdiq edilmişdir. Tədbirlər planında müəssisələrin idarəetmə sisteminin təkmilləşdirilməsi, müasir korporativ  idarəetmə standartlarının mərhələlərlə tətbiqi, orta və uzunmüddətli strateji planların hazırlanması, maliyyə intizamının gücləndirilməsi, qeyri-profilli müəssisələrin özəlləşdirilməsi və digər tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, Azərbaycan Respublikası Tarif Şurasının 28 noyabr 2016-cı il tarixli iclasında təbii qaz və elektrik enerjisi üzrə tarif tənzimlənməsi aparılmış, sözügedən sahələr üzrə diferensial tariflərin tətbiqi qərarlaşdırılmışdır. Qeyd edim ki, Dövlət Neft Şirkəti təbii qazın min kubmetri üçün 180 manat səviyyəsində  vahid tarifin müəyyən edilməsi ilə bağlı müraciət etmişdir. Müraciətdə təbii qazın son tarifinin qeyri-əhali üzrə 1 yanvar 2007-ci il tarixində, əhali üzrə isə 30 iyun 2009-cu il tarixində  100 manat səviyyəsində təsdiq edildiyi, təbii qazın müəyyən hissəsinin hasilatın pay  bölgüsü sazişləri çərçivəsində əməliyyat şirkətlərindən ABŞ dolları ilə satın alındığı, ötən müddət ərzində manatın məzənnəsindəki kəskin dəyişiklik səbəblərindən mövcud tariflə fəaliyyət üzrə zərər yarandığı bildirilmişdir. Dövlət başçısı tərəfindən aparılan sosialyönümlü siyasət əsas götürülərək yeni tarif tənzimlənməsində aparılmış təhlil və müzakirələrdən sonra diferensial tarif yanaşması ilə optimal qiymətlərin tətbiqi məqsədəuyğun hesab olunmuşdur. Belə ki, təbii qazın pərakəndə satış tarifi əhali üzrə  illik istehsal həcmi 1500 kubmetrə qədər olan istehlakçılar üçün 1 kubmetr  mövcud 10 qəpik səviyyəsində saxlanılmış, illik istehsal həcmi 1500 kubmetrdən çox olan hissəsi üçün 20 qəpik müəyyənləşdirilmişdir. 
Dövlət Neft Şirkətinin təqdim etdiyi məlumatlara əsasən əhali abonentlərinin faktiki orta illik təbii qaz istehlakı 1500 kubmetrdir və abonentlərin 60 faizindən çoxunun illik sərfiyatı 1500 kubmetrədəkdir. Eyni zamanda, 1 ailənin ortaillik təbii qaz istehlakı minimum istehlak səbətinə görə 1200 kubmetr təşkil edir. Bunları nəzərə alaraq güzəştli sərfiyat miqdarı 1500 kubmetr götürülmüşdür.
Təbii qaz tariflərinin dəyişdirilməsi elektrik enerjisi  üzrə tariflərə yenidən baxılmasını zəruri etmiş və elektrik enerjisinin 1 kilovat-saat üçün pərakəndə satış tarifi sosial siyasətə uyğun olaraq əhali üzrə aylıq elektrik enerjisi istehlakı 250 kilovat-saatadək olan istehlakçılar üçün  mövcud 7 qəpik səviyyəsində saxlanılmış, aylıq istehlak həcmi 250 kilovat-saatdan çox olan hissəsi üçün 11 qəpik müəyyənləşdirilmişdir. Belə ki, bir ailənin orta aylıq elektrik enerjisi istehlakı minimum istehlak səbətinə görə 235 kilovat-saat təşkil edir. Eyni zamanda, əhali abonentlərinin faktiki orta aylıq elektrik enerjisi istehlakı 300 kilovat-saatdır və abonentlərin 70 faizindən çoxunun aylıq sərfiyatı 250 kilovat-saatdan aşağıdır. Buna görə də əvvəlki tariflə istifadə limiti 250 kilovat-saat müəyyən edilmişdir.
Göründüyü kimi, yeni tarif sistemi sosial yönümlüdür və sosial baxımdan ədalətlidir. İstehlak həcminə görə diferensiallaşdırma nəticəsində istehlak səbəti üzrə bir ailənin təbii qaz və elektrik enerjisi üçün xərcləri sabit qalır, orta aylıq istehlak baxımından əhali abonentlərinin təqribən üçdə ikisinə təsir etmir, qənaəti stimullaşdırır. Eyni zamanda, tarif dəyişikliyinin sosial müdafiəyə ehtiyacı olan həssas təbəqələrin istehlak xərclərinə dolayı təsirlərinin kompensasiyası məqsədi ilə maliyyə nazirinin qeyd etdiyi kimi, dövlət büdcəsi hesabına tədbirlərin görülməsi nəzərdə tutulur.
Hörmətli millət vəkilləri, əhalinin məşğulluğunun təmin edilməsi əsas çağırışlardan olacaq, yeni məşğulluq strategiyası hazırlanacaq və işsizlikdən icbari sığorta sistemi yaradılacaq. Beynəlxalq Əmək Təşkilatı ilə birlikdə Özünəməşğulluq proqramının icrası davam etdiriləcəkdir. 2017-ci ildə əhalinin gəlirləri 46,2 milyard manat, orta aylıq əmək haqqı  508,4 manat, ölkə üzrə inflyasiya proqnozları nəzərə alınaraq yaşayış minimumu 155 manat proqnozlaşdırılır.
Hörmətli millət vəkilləri, bütün qeyd olunanlar göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən islahatlar ölkə iqtisadiyyatının xarici mənfi təsirlərə qarşı dayanıqlığını bundan sonra da artıracaq, növbəti ildə iqtisadi artımın  bərpasını təmin edəcək və əvvəlki illərdə yaradılmış iqtisadi potensiala söykənərək uzunmüddətli dövrdə iqtisadiyyatın davamlı inkişafına öz töhfəsini verəcəkdir. Diqqətinizə görə təşəkkür edirik.
Sədrlik edən. Sağ olun. Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, buyurun.
E.Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Sağ olun. Hörmətli cənab Baş nazir, hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsinin və ölkənin sosial-iqtisadi inkişaf proqnozlarının müzakirəsinə qoşulmaqla qarşıya qoyulmuş məqsədlərə nail olmaq üçün həyata keçirilməli olan makroiqtisadi siyasətin ideologiyasına, məqsədlərinə və əsas elementlərinə aydınlıq gətirmək istəyirəm.
İlk növbədə qeyd etmək istəyirəm ki, XXI əsrdə çox qısa tarixi bir dövr ərzində möhtərəm Prezident cənab İlham Əliyevin liderliyi əsasında ölkəmizdə yüksək iqtisadi inkişafa və rifaha nail olunmuşdur. Azərbaycanın iqtisadi potensialı və qüdrəti, beynəlxalq nüfuzu və imici kəskin yüksəlmişdir. Milli iqtisadiyyatın həcminin 3 qat artımı və bu sahədə tam bir dekadada dünya liderliyi, yoxsulluq səviyyəsinin 10 dəfəyə qədər aşağı düşməsi, yaradılan nəhəng sosial istehsal, hərbi infrastruktur, ölkə regionlarının kompleks sosial-iqtisadi inkişafı, ölkənin beynəlxalq rəqabət qabiliyyətinin və beynəlxalq reytinqlərinin əhəmiyyətli yüksəlməsi başqa ölkələrin 10 illərlə qət edə bilməyəcəyi bir yolu Azərbaycanın çox qısa bir müddətə keçdiyinin tarixi sübutudur.
2008-ci ildən başlayan mövcud böhran qlobal mərhələnin başa çatdığını və yeni qlobal mərhələyə keçidin başlandığını xəbər verdi. 2014-cü ildən başlayaraq bu böhranın ikinci daha ağır fazasına keçid onu göstərir ki, maliyyə sabitlik mərhələsini keçən qlobal böhran daha mürəkkəb bir mərhələyə keçmişdir.
Daxili iqtisadi gündəliyin beynəlxalq problemlərdən daha yaxın, daha maraqlı olduğunu nəzərə alaraq qlobal iqtisadi trendlərdən milli iqtisadiyyat üçün əhəmiyyətli olan 3 amili qeyd etmək istəyirəm. Birinci, qlobal iqtisadi artım və qlobal tələb 2016-cı ildə artıq 5 il dalbadal dünya ümumi daxili məhsulunun 1990–2007-ci illəri əhatə edən böhrandan öncəki dövrdən aşağı olacağını göstərir.
İkinci, qlobal artım və qlobal tələbatın hələ də zəif olması birja məhsullarını və ilk növbədə neftin qiymətini formalaşdıran əsas amillərdəndir.
Üçüncü, bütün aparıcı dünya institutlarının proqnoz və qiymətləndirmələrinə görə orta və uzun müddətli dövr ərzində neftin qiymətinin qızıl dekada deyilən dövrdəki orta səviyyəyə gəlib çatması qeyri-real görünür. Bunun başlıca strateji səbəbi isə enerji qənaətli texnoloji inkişaf və dünya ilkin enerji balansında baş verən ciddi struktur dəyişikliklərdir. Proqnozlar  göstərir ki, 2035-ci ilə ümumi daxili məhsulun 2 qat artdığı bir şəraitdə ilkin enerji resurslarına olan tələbat cəmi 33 faiz artacaqdır. Bu zaman ilkin enerji resursları balansında neftin payı 1973-cü ildəki 49, 2016-cı ildəki 33 faizdən 2035-ci ildə 28 faizə düşəcək.
Hörmətli millət vəkilləri, 2014-cü ilin ikinci yarısından başlayaraq neftin qiymətinin üç dəfəyədək aşağı düşməsi bütün neft ixracatçısı olan ölkələrdə olduğu kimi, Azərbaycan üçün də ciddi çağırışlar formalaşdırmışdır. 2016-cı ildə ixracın həcminin 12,8 milyard Amerika Birləşmiş Ştatları dolları olacağı gözlənilir ki, bu da pik ili olan 2011-ci ilə nisbətən təxminən 22 milyard dollar aşağıdır. Neft gəlirlərinin kəskin azaldığı son 10 il ərzində ilk dəfə olaraq 2015-ci ildə tədiyyə balansı 2013-cü ildəki 17 milyard Amerika Birləşmiş Ştatları dollarından yuxarı  profisitdən 200 milyon dollarlıq defisitə keçmişdir. Yaranmış şəraitdə makroiqtisadi orqanlar qarşısında əsas valyuta gəliri təxminən üç dəfədən aşağı düşmüş bir iqtisadiyyatın yeni reallıqlara uyğunlaşdırılması və milli iqtisadiyyatın yenidən balanslaşdırılması vəzifəsi qoyulmuşdur. İlk növbədə makroiqtisadi siyasətə korreksiya istiqamətində büdcə xərclərinin yığcamlaşdırılması siyasəti həyata keçirilməyə başlanılıb. 2013-cü ildən bəri büdcə xərcləri 2,1 milyard manat və ya 11 faiz aşağı salınmışdır.
Büdcəyə Dövlət Neft Fondundan transfertlər əhəmiyyətli şəkildə azaldılıb. Bu vəsaitlərin həcmi 2013-cü ildəki 14,5 milyard Amerika Birləşmiş Ştatları dollarından mərhələlərlə 2016-cı ildə 4,7 milyard dollara endirilib və təxminən 3 dəfədən çox azaldılıb.
İqtisadiyyatda valyuta təklifinin əhəmiyyətli azalması və əsas xarici ticarət tərəfdaşı olan ölkələrin milli valyutalarının iki dəfədən çox devalvasiyaya uğraması manatın məzənnəsində adekvat korreksiya edilməsini qaçılmaz etmişdir. Bunu nəzərə alaraq 2015-ci ildə manatın devalvasiyası həyata keçirilmiş, idarə olunan üzən məzənnə rejiminə keçilmişdir. 2016-cı ilin fevralında Mərkəzi Bank üzən məzənnənin əsas prinsipi olaraq valyuta bazarında iştirakını minimuma endirmiş, Dövlət Neft Fondunun valyuta bazarında satışları isə şəffaf şəkildə elektron bazada təşkil olunmuş hərraclar çərçivəsində həyata keçirilmişdir.
Yeni məzənnə rejiminə keçid pul siyasətinin ciddi sərtləşdirilməsi ilə müşayiət olunmuş, faiz dərəcələri əhəmiyyətli yüksəldilmiş və inflyasiya səviyyəsinə uyğunlaşdırılmışdır. Başlıca iqtisadi qurumlarla razılaşdırılmaqla sərt pul proqramı hazırlanmış və pul bazası ciddi nəzarətə götürülmüşdür.  İlin əvvəlindən pul bazası cəmi 11 faiz artmış və onun əsas artım amili maliyyə sabitliyinə dəstək, o cümlədən bank sisteminin likvidliyinin və ödənişlərin davamlılığının təmin olunması, əhalinin əmanətlərinin qaytarılması olmuşdur.
Mərkəzi Bank aktiv olaraq izafi pul kütləsinin sterilizasiyasını, yəni pulun dövriyyədən çıxarılmasını həyata keçirmişdir. 2015-ci ildə pul kütləsi 50 faiz azalmışdır. 2016-cı ildə Mərkəzi Bank depozit əməliyyatları və qısa müddətli notlar vasitəsi ilə sterilizasiyasını davam etdirmişdir. Mərkəzi Bank cari ildə maliyyə sabitliyinə dəstək çərçivəsində verilmiş vəsaitlərin əhəmiyyətli hissəsini də sterilizasiya etmişdir. Bu sterilizasiya əməliyyatlarının həcmi təxminən 6 milyard manat təşkil edir. Bununla izafi pul kütləsinin valyuta və əmtəə bazarlarına daxil olması və orada gərginlik yaranmasının qarşısı alınmışdır.
Məzənnə korreksiyası nəticəsində 2015–2016-cı illərdə milli iqtisadiyyatın xarici ticarətdə qiymət üstünlüyünü ifadə edən əsas göstəricisi – manatın nominal və real effektiv məzənnəsi əsas ticarət tərəfdaşlarına nisbətən 50 faizdən çox ucuzlaşmışdır. Bütövlükdə görülən tədbirlər strateji valyuta ehtiyatlarına düşən təzyiqi azaltmaqla 2014-cü ilin transfertləri bazasında 2015–2017-ci illərdə 20 milyard Amerika Birləşmiş Ştatları dollarından çox strateji valyuta ehtiyatlarına qənaət etməyə imkan vermişdir.
Son iki ildə qeyri-neft əmtəə və xidmətlər idxalı 36 faiz və təxminən 6 milyard dollar azalmışdır. Qeyri-neft xidmətləri balansının ümumi kəsiri 3 dəfədən çox azalmışdır. Bu dövrdə turizm xidmətləri üzrə balans da 700 milyon dollar yaxşılaşmış, defisit profisitə çevrilmişdir.  Bütövlükdə neft sektoru nəzərə alınmaqla ölkənin xarici ticarət və xidmətlər balansı profisitlidir. Lakin görülmüş monetar və fiskal tədbirlər tədiyyə balansının kəsirini hələki tam aradan qaldırmamışdır.
Proqnozlara görə 2016-cı ildə tədiyyə balansında 5 milyard dollar həcmində kəsir gözlənilir. Aparılan təhlillər göstərir ki, bu defisitin böyük bir hissəsi, 80 faizi bütövlükdə kapitalın və maliyyənin hərəkəti hesabındakı kəsirlə əlaqədardır. Yəni bunlar fiksə edilmiş xarici öhdəliklərdir. Cari hesabın hələ də kəsirli olması onunla bağlıdır ki, 2016-cı ildə neftin təxminən 16 faiz  ucuzlaşması davam etmişdir. Nəticədə ixracın həcminin ilin sonuna 2015-ci illə müqayisədə 18 faiz, yəni 2,8 milyard dollar azalacağı gözlənilir.
Qeyri-neft ixracında da azalma müşahidə edilir. Struktur amilləri təmizlənməklə bu azalmanın həcmi 20 faizdir. Qeyri-neft idxalı isə hələ də qeyri-neft ixracını əhəmiyyətli üstələməkdə davam edir. Tədiyyə balansının kapitalı və maliyyənin hərəkətli balansına cari ilin əvvəli və növbəti illərə düşən ödənişlər, böyük transmilli layihə olan “Cənub qaz dəhlizi”nin maliyyələşdirilməsi ilə əlaqədar xərclər, bir sıra dövlət şirkətlərinin borcu və faiz ödənişləri, bank sektorunun xarici borcları üzrə ödənişlər, dövlət borcu və sair daxildir. Belə xarakterli ödənişlərin son dövrdə əhəmiyyətli dərəcədə kiçilmiş valyuta bazarına daxil olması, təbii ki, valyuta balansında gərginlik yaradır və milli valyutanın məzənnəsinin formalaşmasına üzən məzənnə rejimində ciddi təsir göstərir.
Bütövlükdə məzənnənin ucuzlaşması tədiyyə balansının kapital hissəsinin problemlərini həll etmir. Əksinə, belə ucuzlaşma tədiyyə balansının bu hissəsində olan borcları daha da ağırlaşdırır. Çünki bilirsiniz ki, bu borclar xarici valyutada fiksə olunub və bu borcları ödəmək üçün əlavə xərclər tələb olunur. Əlavə xərclərin böyük bir hissəsi də büdcədən maliyyələşdiyi üçün büdcə və vergi sistemi üçün əlavə gərginliklər yaradır. Bütövlükdə belə bir şəraitdə Mərkəzi Bank artıq başa çatmaqda olan cari ildə üzən məzənnə rejimində fəaliyyət göstərmişdir. Gərginliyin masştabı və əhəmiyyəti nəzərə alınmaqla bu idarəetmə əhəmiyyətli olmuşdur.
Qeyd etmək istəyirəm ki, cari ildə manatın məzənnəsi ilin əvvəlindən 11 faiz ucuzlaşıb. Əgər 2016-cı ilin yekunlarına nəzər salsaq, görərik ki, bütövlükdə yaranmış qlobal çətinliklərə, daxili balanslaşma və liberallaşma proseslərinə baxmayaraq, ölkə iqtisadiyyatı bu böhranlara, proseslərə dayanıqlılıq və davamlılıq nümayiş etdirir. Təkcə onu qeyd etmək istəyirəm ki, böhranın başladığı 2008-ci ildən keçən 9 il ərzində biz ancaq bu illər Azərbaycan iqtisadiyyatında resessiya hiss edirik.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, ölkədə dayanıqlı və daimi makroiqtisadi stabilliyin təmin edilməsi 2017-ci ildə qarşıda duran ən prioritet vəzifədir. Bu problem daim cənab Prezidentin diqqət mərkəzindədir. O bilavasitə bu proseslərin idarə olunmasında iştirak edir. Bildiyiniz kimi, cənab Prezidentin fərmanı ilə cənab Baş nazirin başçılığı altında Maliyyə Sabitliyi Şurası yaradılmışdır. Maliyyə Sabitliyi Şurasında ölkədə makroiqtisadi sabitliyin təmin olunması, sosial problemlərin həlli istiqamətində gərgin iş gedir.
Çıxışımın forması makroiqtisadi sabitliyin bütün aspektlərinə və şura çərçivəsində gördüyümüz işlərə toxunmağa imkan vermir. Lakin bütövlükdə 4 əsas problemə toxunmaq istəyirəm. Makroiqtisadi stabilliyin təmin edilməsi şərhsiz olaraq monetar və fiskal, yəni valyuta-pul siyasətinin büdcə-vergi siyasəti ilə vahid bir məqsəd ətrafında üzvi əlaqələndirilməsini tələb edir.
Mərkəzi Bank 2017-ci ildə də sərt pul siyasətinin həyata keçirilməsini davam etdirəcəkdir. Üzən məzənnəyə keçidlə əlaqədar pul siyasətinin lövbərini dəyişərək pul kütləsinin və bazasının hədəflənməsinə keçilib. Bunun üçün 2017-ci ildə də sərt pul proqramı hazırlanıb və reallaşdırılacaq. Əsas məqsəd artıq pul emissiyasına yol verməmək, manatın məzənnəsinə əlavə təzyiq yaratmamaq və bu yolla qiymətlərin, inflyasiyanın yüksəlməsinin qarşısını almaqdır.  2017-ci ildə də maliyyə sabitliyi məqsədləri və bank sisteminin likvidliyinin təmin edilməsi zərurətini nəzərə alaraq pul kütləsinin sterilizasiyası əməliyyatlarının həcmi artırılacaq, lazım gələrsə, faiz dərəcələri səviyyəsində baxılacaq. Ciddi fiskal və monetar intizam, onların siyasi koordinasiyası şəraitində məzənnə siyasətinin çevikliyinin artırılması, makroiqtisadi sabitliyin təmin olunmasının mövcud neqativ gözləntilərinin neytrallaşdırılması başlıca amil olacaqdır. Fiskal siyasət ölkədə makroiqtisadi sabitliyin təmin olunmasında mühüm rol oynayır. Bu məqsədlə ortamüddətli büdcə xərclərinin əlavə nizamlaşdırılması labüddür. Bütövlükdə fiskal siyasətin əsas vəzifələri Maliyyə Sabitliyi Şurasında geniş müzakirə olunubdur. Burada gəldiyimiz əsas nəticələr ondan ibarətdir ki, biz ortamüddətli dövrdə əlavə konsolidasiyaya getməliyik və bu proses ortamüddətli büdcədə artıq öz əksini tapıbdır.
İkinci prinsip budur ki, stabilləşmə büdcəsi kəsirsiz olmalıdır. Çox qısa da olsa, transfert siyasətinə toxunmaq istəyirəm. Mən artıq qeyd elədim ki, son bir neçə ildə Dövlət Neft Fondundan büdcəyə transfertlər əhəmiyyətli dərəcədə azaldılmışdır. Bu onu göstərir ki, bütövlükdə büdcənin neft gəlirləri aşağı kursla təmin olunur və bu büdcə sabitliyi üçün şərait yaradır. Lakin digər tərəfdən, bildiyiniz kimi, bu transfertlər valyuta təklifinin başlıca mənbəyidir. Bu vəsaitlərin belə azalması tədiyyə balansının kəsiri probleminin maliyyələşdirilməsi məsələsini qoyur. Mən artıq bu problemə toxundum, ilk növbədə kapitalın hərəkəti ilə əlaqədar olan xərclərin, investisiyaların, borcların maliyyələşdirilməsi problemi qoyulur.
Bizim gəldiyimiz razılıq ondan ibarətdir ki, işlənəcək yeni büdcə qaydaları neft sektoru, fiskal sektor, monetar sfera və tədiyyə balansının kəsirinin maliyyələşdirilməsi üçün optimal variantın işlənib hazırlanmasına şərait yaradacaqdır. Fiskal yığcamlaşdırma vergi sistemində həyata keçiriləcək islahatların reallaşdırılması üçün mühüm bir amildir, mühüm bir mərhələdir. Biz hesab edirik ki, vergi yükünün optimallaşdırılması, uçot, hesabat sisteminin yaradılması, nağdsız ödənişlər sisteminin genişləndirilməsi bütövlükdə vergi-maliyyə sisteminin dayanıqlılığının artırılmasına zəmin yaradacaqdır.
Qarşımızda duran başlıca problemlərdən biri borclar və investisiyalar probleminin bütövlükdə valyuta bazarından kənarda həll olunmasıdır. Bu məsələ cənab Baş nazirin yanında müzakirə olunub və yəqin ki, biz öz təkliflərimizi verəcəyik. Biz düşünürük ki, keçid dövründə həm daxili, həm də xarici resurslardan istifadə etməklə bu vəsaitlərin valyuta bazarına daxil olmasını məhdudlaşdırmaq lazımdır. Çünki belə olan şəraitdə manatın məzənnəsinə əlavə təzyiq göstərilir və ucuzlaşma yaradılır. Valyutanın ucuzlaşmasının sosial-iqtisadi nəticələrini isə biz yaxşı bilirik.
Üçüncü məsələ ondan ibarətdir ki, sərt fiskal və pul-kredit siyasəti vasitəsi ilə statik stabilliyə nail olmaq olar. Lakin dinamik stabilliyə nail olmaq mümkün deyil. Dinamik stabilliyə nail olmaq üçün artıq cənab Prezident tərəfindən start verilmiş geniş masştablı struktur islahatlarının reallaşdırılması vacibdir. Biz dedik, manatın məzənnəsi 50 faizə qədər ucuzlaşıb, lakin qeyri-neft ixracımız azalıb. Bu onunla əlaqədardır ki, ixracatçıların mobilləşməsi üçün vaxt və investisiya lazımdır. Lakin burada əsas məsələlərdən biri də struktur institusional amillərin tez bir zamanda həll olunması və bütövlükdə investorların, işgüzar adamların bu yaradılmış üstünlüklərdən istifadə etmələridir.
Dördüncü məsələ ondan ibarətdir ki, 2017-ci ildə və növbəti illərdə həyata keçiriləcək dərin liberallaşdırma, struktur islahatları keçid dövründə sosial siyasətin məqsədlərinə və alətlərinə bir daha baxılmasını şərtləndirir. Ümumiyyətlə, əhalinin islahatlara loyallığının təmin olunması olduqca mühüm məsələlərdən biridir. Bunun üçün bizim kifayət qədər daxili imkanlarımız var. Daxili imkanlardan istifadə etməklə biz keçid dövrünün proseslərində ünvanlı olaraq, yəni sosial populizmdən uzaq duraraq əhalinin həssas təbəqələrinin sosial müdafiəsi üçün kifayət qədər yaxşı sosial müdafiə sistemi yaratmalıyıq.
Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, gördüyünüz kimi, 2017-ci ildə qarşıda milli iqtisadiyyatın stabilləşməsi, liberallaşması, yeni nəsil masştablı struktur islahatlarının həyata keçirilməsi kimi çox mühüm, çox mürəkkəb vəzifələr durur. Cari ilin sentyabr ayında ölkənin əsas qanunu əsasında həyata keçirilmiş referendumda bu layihəni irəli sürən möhtərəm Prezident cənab İlham Əliyevə Azərbaycan xalqının böyük əksəriyyəti öz etimadını və etibarını bir daha bildirməklə cənab Prezidentin irəli sürdüyü geniş miqyaslı siyasi və iqtisadi islahatlara öz dəstəyini göstərmişdir. Biz əminik ki, cənab Prezidentin ətrafında sıx birləşməklə, indiyə qədər yaradılmış maliyyə-iqtisadi potensiala arxalanmaqla bu geniş miqyaslı vəzifələrin öhdəsindən gələcəyik. İcazə verin, sizi əmin edim ki, Azərbaycan Respublikası Mərkəzi Bankının kollektivi, onun rəhbərliyi bu tarixi məqamda öz üzərinə düşən professional, dövləti və mənəvi borcu dərindən dərk edir və bütün proseslərin reallaşmasında əlindən gələni əsirgəmir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nəhayət, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov rəyini bildirsin. Buyurun.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Hesablama Palatası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 2017-ci il üçün dövlət büdcəsinin layihəsinə dair rəyini hazırlayaraq təqdim etmişdir. Rəydə növbəti ilin dövlət büdcəsi ilə bağlı geniş təhlillər, əldə edilmiş nəticələr və tövsiyələr öz əksini tapmışdır.
İlk olaraq qeyd edim ki, müzakirə olunan qanun layihəsi “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə və həmin qanunla təsbit edilmiş digər tələblərə uyğundur. Növbəti ilin dövlət büdcəsi ilə bağlı palatanın rəyinin hörmətli millət vəkillərinə təqdim edildiyini, büdcə layihəsinin Milli Məclisin komitələrində müzakirəsi zamanı əsas məqamlarla bağlı Hesablama Palatasının mövqeyinin diqqətə çatdırıldığını nəzərə alaraq çıxışımı cari dövrün tələblərinə uyğun, beynəlxalq təcrübədə də müəyyən edilmiş bir sıra prioritet istiqamətlər üzrə qurmaq istərdim.
Məndən əvvəl çıxış edənlər son dövrün qlobal makroiqtisadi şəraiti ilə bağlı geniş məlumat verdilər. Müasir dövrün tələbləri iqtisadi sistemin fəaliyyət prinsiplərinə yenidən baxılması ilə yanaşı, ümumi daxili məhsulun formalaşması və gəlirlərin yenidən paylanmasında əsas və mühüm maliyyə sənədi olan dövlət büdcəsinə də yeni baxışı zəruri edir. Yeni şəraitdə fiskal konsildasiya tədbirləri ön plana çıxır ki, bu da hər bir ölkənin sosial inkişaf səviyyəsi və siyasi perspektivlərinin təsiri ilə formalaşır.
Bununla belə, atılacaq addımlar iki əsas istiqaməti əhatə edir. Xərclərin qənaətli və səmərəli istifadəsi və gəlirlərin mobilizasiyası və artırılması. Maliyyə resursları axınının məhdudlaşdığı, həmçinin geosiyasi amillərlə də şərtlənən nisbi azalma mövcud gəlirlərin artırılması istiqamətində vacib islahatları obyektiv zərurətə çevirir. Bu islahatlar, eyni zamanda, idarəetmə müstəvisində qərarların daha çevik qəbul edilməsini özündə ehtiva edir.
Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən imzalanmış 2016-cı il 4 avqust tarixli sərəncamla 2016-cı ildə nəzərdə tutulan müvafiq islahatların reallaşdırılması və səmərəli vergi nəzarəti mexanizmləri qurulması tapşırılmışdır. Bu  tapşırıqların icrası vergi intizamının daha da gücləndirilməsi və vergi potensialının qanunvericilikdə müəyyən edilmiş müddətlərdə və tam həcmdə dövlət büdcəsinə cəlb olunması üçün münbit şərait yaradacaqdır.
Ölkə rəhbərinin müəyyən etdiyi vəzifələrin həyata keçirilməsi 2017-ci il üçün büdcə-vergi siyasətinin əsas istiqamətlərində əks etdirilmiş vergilərin və sair daxilolmaların yığım faizinin artırılması, əvvəlki illərdən qalmış vergi borclarının dövlət büdcəsinə alınması, vergi yükünü optimallaşdırmaqla qeyri-neft sektoruna vergi daxilolmalarının artımına nail olunması kimi tədbirlərin reallaşdırılmasından keçir. Bu tədbirlər ilk növbədə vergi inzibatçılığının gücləndirilməsini zəruri edir. Eyni zamanda, hesab edirik ki, yığım əmsalının və vergi növləri üzrə boşluqların hesablanması ilə bağlı konkret metodikanın, həmçinin vergi yükünün optimallaşdırılması istiqamətində mərhələli tədbirlər planının işlənilməsi büdcə-vergi siyasətinin əsas istiqamətlərinin reallaşdırılmasına müsbət təsir göstərər.
Aparılan təhlillər göstərir ki, 2017-ci il üzrə təklif olunan dövlət büdcəsi gəlirlərinin proqnoz parametrlərinə ehtiyatlı ssenari tətbiq edilməklə yanaşılmışdır. Makroiqtisadi mühitin dəyişkənliyi və əmtəə bazarının davranışı həmin parametrlərə hesabat ili ərzində yenidən baxılması ehtimalını istisna etmir.
Hörmətli millət vəkilləri, müasir iqtisadi çağırışlar gəlirlərin artırılması ilə yanaşı, vəsaitlərin icrası prosesinə də öz tələblərini müəyyən edir. Büdcə vəsaitlərinin səmərəli, qənaətli və məqsədli istifadəsi öz aktuallığı ilə dövlət maliyyə sisteminin əsas vəzifəsidir. Belə ki, müşahidə etdiyimiz sistemli maliyyə böhranı xərclərin konsolidasiyasını zəruri etmişdir. Konsolidasiya tədbirləri büdcə xərclərinin qənaətli istifadəsi ilə yanaşı, məqsədli istifadə alətlərinin də tətbiqini nəzərdə tutur. İqtisadi stabilliyin qısa müddətli, dayanıqlığın isə uzun müddətli makroiqtisadi şərait olduğunu nəzərə alsaq, büdcə-vergi siyasətinin əsas istiqamətlərində mümkün ssenarilər və büdcə parametri üzrə əsaslandırmalar məhz stabillik və dayanıqlıq baxımından tərtib edilməlidir. Bu isə ilk növbədə fiskal çərçivənin formalaşdırılmasını tələb edir ki, həmin çərçivəni təmin edəcək fiskal qaydaların tətbiqi, həmçinin qaydaların makro-fiskal çərçivə ilə uzlaşdırılması və təkmilləşdirilməsi zəruri hesab olunur.
Yuxarıda da qeyd etdiyim kimi, müasir iqtisadi çağırışlar büdcə sisteminə yeni baxışın tətbiqini zəruri edir. Dövlətin iqtisadiyyatda rolunun artması dövlət büdcə xərclərinin optimal idarə edilməsi məsələsinin aktuallığını daha da artırmışdır. Əksər ölkələrdə dövlət xərclərinin səmərəliliyini qiymətləndirmək məqsədi ilə nəticəyə hədəflənmiş büdcə metodundan istifadə edilməyə başlanılmışdır. Bu isə öz növbəsində dövlət büdcə xərclərinin məqsədli proqramlar səviyyəsində icrasını təmin etməklə həmin vəsaitlərin daimi monitorinqi və qənaətli istifadəsini qiymətləndirmək imkanı verir.
Beynəlxalq təcrübədə dövlət vəsaitlərinin icrasına nəzarət mühüm alət hesab edilir. Cari şərtlər daxilində isə bu xüsusi əhəmiyyətə malikdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev maliyyə nəzarətinin gücləndirilməsi ilə bağlı dəfələrlə öz çıxışlarında tapşırıqlarını səsləndirmişdir. Maliyyə nəzarətinin  müxtəlif  səviyyələrdə tətbiqi vəsaitlərin proqnozlaşdırılması prosesindən başlayaraq həyata keçirilir. Bu ilk növbədə büdcənin gəlir və xərclərinin dəqiq uçotunu, həmçinin hesabatlığı tələb edir. Belə ki, qeyd edilən yanaşma icra prosesində rast gəlinən və yarana biləcək xətaların əksər hissəsinin qarşısını alır. Hesabatlıq isə inzibatçılığın gücləndirilməsinə xidmət etməklə büdcə şəffaflığının artırılması ilə nəticələnir.
Gəlir və xərclərin uçot və hesabatının yüksəldilməsi ilkin, cari və sonrakı maliyyə nəzarəti işini asanlaşdırmaqla nəticələrin qiymətləndirilməsinə, vəsaitlərin qənaətli istifadəsinə gətirib çıxarır. Qeyd edilənlər öz növbəsində fiskal şəffaflığın və maliyyə nəzarətinin təmin edilməsi məqsədilə müvafiq göstəricilər sisteminin yaradılmasını tələb edir. Təbii ki, müasir şəraitdə ən ümdə məsələ vəsaitlərin səmərəli istifadəsini, həmçinin nəzarətin səmərəliyini müəyyən edən prinsiplərin formalaşdırılması və dəqiq tətbiqidir. Qeyd olunanlar isə yenə də büdcə qanunvericiliyinin bu məsələləri özündə ehtiva etməsi ilə təkmilləşdirilməsindən keçir.
Qeyd etmək istərdim ki, “Büdcə sistemi haqqında” Qanunun qəbulundan 15 ilə yaxın vaxt ötür. Bu müddət ərzində qanunda çoxsaylı dəyişikliklər aparılmışdır. Həmin dəyişikliklər neft gəlirlərinin optimal idarə edilməsi ilə bağlı olan dəyişikliklər hesab olunur. Son dövrlərdə də büdcə qanunvericiliyində yeni iqtisadi siyasətin çağırışlarına uyğun dəyişikliklərin aparılması davam etdirilir. Bunlar isə inzibati tədbirlərin gücləndirilməsini, büdcə vəsaitləri üzərində nəzarətin artırılmasını və vəsaitlərdən qənaətli istifadəyə yanaşmanı hədəfləyən dəyişikliklərdir. Hesab edirik ki, büdcə qanunvericiliyinin yeni çərçivəsinin müəyyən edilməsi, başqa sözlə, onun sistemli və stabil xarakterə malik olmasını, ayrı-ayrı qanun və normativ sənədlərdə paylanmış büdcə normalarının bir vahid sənəddə birləşməsini təmin edəcək müvafiq məcəllənin qəbul edilməsi günün əsas tələblərindəndir.
Cari dövrün şərtləri dünya ölkələrini fiskal konsolidasiya tədbirlərini həyata keçirməyə vadar etmişdir. Büdcə xərcləri ilə bağlı atılan addımlar, əsasən, cari xərclərin azaldılması ilə bağlıdır. Təqdim edilən büdcə layihəsində bu istiqamətdə mühüm addımlar atılmışdır. İqtisadiyyatı təbii resursla zəngin olan dövlətlərdə böhrandan öncəki dövrdə cari xərclər üzrə olan artım müşahidə edildiyi üçün son illərdə məhz cari xərclərin azaldılması prioritetə çevrilmişdir.  Diqqətə çatdırmaq istərdim ki, növbəti ilin büdcə layihəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin büdcənin cari xərclərinin azaldılması və bu xərclərin, əsasən, vergi gəlirlərinin hesabına maliyyələşdirilməsi istiqamətində tapşırıqlarının icrası öz əksini tapmışdır. Ümumilikdə isə beynəlxalq təcrübənin təhlili ölkəmizdə son dövrlərdə atılmış addımların müasir dövrün tələblərinə uyğun olduğunu və gələcək inkişafa istiqamətləndiyini vurğulamaq imkanını verir.
Hörmətli millət vəkilləri, diqqətinizə yönəltmək istədiyim son məsələ dövlət borcu ilə bağlıdır. Dövlət borcunun cari vəziyyəti və növbəti ilə proqnozlaşdırılmış göstəriciləri ilə bağlı hörmətli maliyyə naziri geniş məlumat verdi. Çıxışdan da göründüyü kimi, dövlət borcunun artımı iqtisadi əhəmiyyətli və strateji yükü olan layihələrin maliyyələşdirilməsi ilə bağlıdır. Həmin layihələrin reallaşdırılması gələcək inkişafın ilkin təməllərindəndir. Bu aspektdən biz artıq dövlət borcunun yerinə yetirdiyi iqtisadi funksiyalara diqqət yetirməliyik.
İstərdim ki, indiki şəraitdə dövlət borcu ilə bağlı iki əsas məqamı vurğulayım. İlk olaraq dövlət borcunun idarə edilməsi ön plana çıxır. Borcun idarə edilməsi sistemi ilk növbədə vaxt, həcm, müddət, faiz baxımından risklərin likvidliyinin idarə edilməsini zəruri edir. Hesablama Palatası əvvəlki illərdə də təqdim etdiyi rəylərdə dövlət borcunun idarə edilməsində ən əhəmiyyətli boşluq olan dövlət borcunu daim nəzarətdə saxlayan və onun dayanıqlığının təmin edilməsində zəruri hesab edilən borc strategiyasının yaradılmasını təklif etmişdir. Təqdim olunmuş büdcə zərfində büdcə-vergi siyasətinin əsas istiqamətlərindən biri kimi dövlət borcunun idarə edilməsi üzrə orta və uzun müddətli strategiyanın hazırlanması tələbi tərəfimizdən təqdirəlayiq hal kimi qiymətləndirilir.
İkinci qeyd etmək istədiyim məqam isə şərti öhdəliklərlə bağlıdır. Şərti öhdəliklərin dövlətin iqtisadi, maliyyə vəziyyəti qənaətbəxş olduğu dövrdə nəzərə çarpmaması sonradan maliyyə şoku və ya kritik borclanma riskinin yaranma ehtimalını diqqətdə saxlamağı tələb edir. Bu kimi hallar bir çox ölkələrin təcrübəsində müşahidə olunmuşdur. Qeyd edilənlər isə borcun davamlılıq təhlilini aktuallaşdırmaqla yanaşı, şərti öhdəliklər üzrə məlumatların hüquqi status baxımından qanunvericilikdə əks olunmasını şərtləndirmişdir.
Hörmətli Sədr, hörmətli millət  vəkilləri, hörmətli hökumət üzvləri! Hesablama Palatasının kollegiyası təqdim olunmuş qanun layihəsinin “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun hazırlandığını, həmçinin qanun layihəsini müşayiət edən sənədlərin müasir dövrün tələblərinə uyğun praqmatik yanaşma ilə tərtib edildiyini nəzərə alaraq Milli Məclisdə müzakirə olunmasını tövsiyə etmişdir. Sizdən Hesablama Palatasının rəyinin nəzərə alınmasını və növbəti ilin dövlət büdcəsi ilə bağlı qanun layihəsinin qəbuluna səs verməyinizi xahiş edirik. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Vüqar müəllim, zəhmət olmasa, əyləşin. Hörmətli millət vəkilləri, hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, saat 4-ə qədər fasilə elan olunur.

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımızı davam etdiririk. Birinci məsələni – Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edəcəyik. Xahiş edirəm, yazılın. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri və hörmətli həmkarlar! Bizə təqdim olunan sənədlərlə tanış olduq, həm də komitələrin birgə iclasında hökumət üzvlərini dinlədik. Nəzəri cəhətdən iqtisadi mənzərə pis təsir bağışlamır. Amma etiraf edək ki, hələ də iqtisadiyyatımız xam neft ixracından asılı vəziyyətdədir. Xam nefti heç olmasa, yarımfabrikat və ya son məhsul şəklində ixrac edən bir neft iqtisadiyyatı olsa idi, bu bir az vəziyyəti yüngülləşdirərdi. Hər halda narahatlıqlar hökumət tərəfindən də etiraf olunur və axtarışların olması da sənədlərdən görünür.
Mən bir neçə məsələyə toxunacağam. 2017-ci ilin dövlət büdcəsində İslam Oyunlarına və Formula 1 yarışlarına 317 milyon 300 min manat, idman obyektlərinin tikintisinə 330 milyon 300 min manat vəsait ayrılıb. Birinci Avropa Oyunları zamanı kifayət qədər idman obyekti tikilib və nədən yenidən bu qədər vəsait ayrılmalıdır? Bir az əl gəzdirməklə həmin obyektlərdən istifadə etmək olmazmı? Mən istəyirəm, hökumət bu məsələnin izahını versin, çünki həmin vəsaiti fərqli yerlərə yönəltmək olardı. Məsələn, qəzalı vəziyyətdə olan 9 min bina var, orada yaşayan ailələri mənzillə təmin etmək olardı.
İkinci deyəcəyim məsələ vergi ilə bağlıdır. Vergi yükünün azaldılması, inzibatçılığın yüngülləşdirilməsi, vergi potensialının doğru qiymətləndirilməsi, vergi yükünün istehsaldan tədricən istehlaka keçirilməsi yolu ilə tarazlığın təmin olunması vacibdir və bu müddəalar təqdim etdiyiniz sənədlərdə də öz əksini tapıbdır. Amma “daxil olunanlar” bölümünə baxanda fərqli bir təəssürat yaranır. Cərimə və sanksiyalar üzrə daxil olmalar 101 milyon manat müəyyənləşdirilibdir. Yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə daxilolmalar isə 1 milyon manat müəyyənləşdirilibdir. Vergi qanunvericiliyinin pozulmasına görə daxilolmalar 89 milyon manat müəyyən olunub. Bunun 5 milyonu fiziki şəxslərin gəlir vergisi üzrə maliyyə sanksiyalarından nəzərdə tutulubdur. Bunu hökumət necə izah edə bilər? Bəlkə 2017-ci il intizamlı sürücülər və intizamlı vergi ödəyiciləri ili olacaq? Bu cərimələr necə proqnozlaşdırıla bilər? Bunun pis tərəfi odur ki, vergi ödəyicisi və sürücülərdən min bir yolla pul yığılması öhdəliyi qoyulur. Biz də sabahdan vergi və yol polisi əməkdaşlarına irad tutmağa başlayacağıq ki, niyə bu işləri görürsünüz? Amma artıq bu adamların qarşısına 90 milyon manat plan qoyulub ki, siz bunu mütləq cərimələrdən yığmalısınız. Bu proqnozlaşdırılması mümkün olmayan məsələdir və hökumətdən bunun da izahını verməsini istəyirəm.
Digər deyəcəyim məsələ enerji daşıyıcılarının qiymət artımı ilə bağlı olan məsələdir ki, burada hökumət üzvləri ona toxundular. Mən komitələrin birgə iclasında da məsələyə toxunmuşdum. İqtisadiyyatımızda prioritet hesab edilən istehlakçı inamının artması və işsizlik səviyyəsinin azalması məsələləri bu qiymət artımı ilə çox ciddi şəkildə zədə alacaqdır. Həm də inflyasiya gözləmələri üzərində nəzarətin də itirilməsi qaçılmaz olacaqdır. Bu, birmənalı şəkildə belədir və hesab edirəm ki, büdcə gəlirlərini artırmaq üçün yalnız təbii inhisarların qiymətlərini artırmaq siyasəti doğru deyil. Onsuz da bu il kanalizasiya, işıq, qaz və sair məsələlərlə bağlı qiymət artımları olmuşdur.
Mən şəxsən 7 ildir, büdcə müzakirələrində təklif edirəm ki, işıq, qaz, istilik, kommunal sahələr mülkiyyət dövlətdə qalmaqla işlətməyə verilsin. Əgər bu, işlətmədə olsa idi, nəinki qiymət artımında bu təzadlar yaranardı, əksinə həmin sahələr, – mən indi baxıram, büdcədə xeyli vəsait ayrılıb, – büdcəyə vergi verməyə başlayacaqdılar. Yəni dotasiya almayacaqdılar və büdcəyə vergi ödəyəcəkdilər. Amma belə bir şəraitdə vəziyyət artıq başqa sahələrə də təsir edir. Nə qədər də malalasaq ki, bu, aztəminatlı əhaliyə təsir etmir, belə deyil. Çünki ən azından 585 adda istehlak səbətini müəyyənləşdirən məhsul və xidmətlərə aid olan işıq, qaz və sair bazarda qiymətlərin dəyişməsinə, təbii ki, təsir edəcəkdir. Ödəyicilər, əhali əgər birbaşa işığa, qaza, suya o limit əsasında pul ödəmədən zərər çəkməsələr də, bazarda digər malların qiymətlərinin qalxmasından mütləq zərər çəkəcəklər. Bunu hökumət də bilirdi və əvvəlcədən qabaqlayıcı tədbirlərin görülməməsi ciddi şəkildə təəccüb doğurur. Hesab edirəm ki, əmək haqlarının və təqaüdlərin artırılması ilə bağlı hökumət üzvləri yubanmadan tədbirlər görməlidirlər.
Mən başqa bir məsələyə də toxunmaq istəyirəm. Qiymət artımı təbii ki, ictimai nəqliyyatda da qiymətlərin artmasına təsir edəcəkdir. Məsələn, metropolitenə 30 milyon manat subsidiya ayrılıbdır. Əvvəlki ildən 8 milyon manat azdır. Rəsmilərin verdiyi məlumata görə isə metropoliten  adambaşına 54 qəpik xərcləyir, amma gəliri 34 qəpikdir. Qalan hissəni haradan ödəcəyəcək? Reklam şitləri, metro ticarəti yığışdırılıb və sair. Mən soruşuram, bu artım olacaqmı? Bu artım olacaqsa, o, mütləq digər ictimai nəqliyyat növlərinin və başqa xidmətlərin qiymətlərinin artmasına gətirib çıxaracaq.
Azərbaycanın xarici dövlət borcu ilə bağlı məsələyə toxunmaq istərdim. 2016-cı il 1 iyul tarixinə beynəlxalq maliyyə-bank qurumları və kredit təşkilatları ilə 10 milyard ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bunun  53 faizini 10 ilə qədər müddətə qaytarmalıyıq. İqtisadiyyatın indiki durumunda bu mümkündürmü? Biz bu yaxınlarda Serbiya ilə bağlı olaraq kredit məsələsini müzakirə etdik. Biz kiçik faizlərlə başqa dövlətlərə kreditlər verib, böyük faizlərlə başqa dövlətlərdən nəyə görə kredit götürməliyik? Mən bunu xüsusi olaraq bank sektoruna aid edirəm. O bankların davamlılığını və likvidliyini saxlamaq üçün nəyə görə Dövlət Neft Fondunun vəsaitləri verilməsin və biz böyük miqdarda borc götürək?
Başqa bir məsələ obyektlərin özəlləşdirilməsi ilə bağlıdır. Mən hesab edirəm ki, özəlləşdirmə ilə bağlı məsələlər o qədər də yaxşı həyata keçirilmir. Hər kəs bilir ki, bəzi müəssisələr sahmana salınır, təmir olunur, ondan sonra özəlləşdirməyə çıxarılır. Bu, doğru deyil. Yaxud da, yarıtmaz vəziyyətə salınıb, sonra özəlləşdirməyə çıxarılır. Dövlət obyektləri dövlətə maliyyə vəsaiti cəlb etmək üçün özəlləşdirilməyə çıxarılır və bu, tədiyyə balansında yaranan kəsiri bağlamaq üçün vacib bir məsələdir. Amma bunu hər halda real bazar qiymətləri ilə dəyərləndirmək daha doğrudur.
Artıq həssaslıq artıb və hökumət real islahatlar aparmalıdır. Dünya Bankı da makroiqtisadi sabitliyin təmin olunması üçün hökumətin qarşısında 5 təkliflə çıxış edibdir. Mən o təklifləri sadalamaq istəmirəm və hesab edirəm ki, hökumətin yazdığı konsepsiyada bu məsələyə toxunulubdur. Bunların həyata keçirilməsi üçün ciddi addımların atılması lazımdır.
Ölkənin valyuta ehtiyatları ilə bağlı bir neçə kəlmə demək istərdim. Manatın kursunun saxlanılmasına xeyli vəsait sərf olunub. İndi bəzi etiraflar oldu, bu, ölkə iqtisadiyyatına çox ciddi zərbə vurub. Bu, açığı, itirilmiş vəsaitdir, çünki məzənnənin sabitləşməsi siyasətinin yürüdülməsi doğru siyasət deyil. Məzənnənin sabitliyi uğurlu siyasət sayıla bilməz, çünki məzənnə həm iqtisadiyyatda baş verən proseslərə, həm də şoklara adekvat reaksiya verməlidir. Buna görə bu yanaşma da, məncə, dəyişməlidir. Artıq Mərkəzi Bankın valyuta ehtiyatlarının həcmində 35 faiz azalma var. Bu pul siyasətinə də, məncə, yenidən baxmaq vacibdir.
Mən hər il büdcə müzakirələrində daim iqtisadiyyatın mümkün qədər liberallaşdırılması ilə bağlı təkliflərlə çıxış etmişəm. İqtisadiyyatda mümkün qədər dövlətin rolunun azaldılması, maliyyə sektorunda islahatların aparılması, kommunal sektorun özəlləşdirilməsi, büdcə yükünün azaldılması və sair bu qəbildəndir. Amma neftin qiyməti  yüksək olduğundan bu təkliflər hökumət tərəfindən, təbii ki, ciddiyə alınmırdı. Amma hesab edirəm ki, indi ciddiyə alınmalıdır. Mən bunları tənqid etmək xətrinə demirəm. İnanın, mən də sizin qədər narahatam. Hesab edirəm ki, bu vəziyyətdən digərlərinin istifadə etməməsi üçün ciddi tədbirlər görülməlidir. Keçən dəfə komitələrin birgə iclasında da qeyd etdim, Prezidentə hansı təklif gedirsə, müsbət həll edir, sərəncamlar verir. Meydan yaradıb, vəsaitlər ayırıbdır. Mən hesab edirəm ki, çox ciddi şəkildə toparlanmaq və bu məsələləri həll etmək lazımdır. Belə olmasa, ölkədə çətinliklər yarana bilər. Təşəkkür edirəm və inanıram ki, bu addımlar atılacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli qonaqlar, hörmətli deputatlar və media nümayəndələri! Mən komitənin iclasında  büdcə ilə əlaqədar bəzi fikirlərimi bölüşmüşdüm. İndi istəmirəm ki, təkrar həmin məsələlərin üzərinə qayıdım. Amma daha ciddi hesab etdiyim bir məsələ barədə danışmaq istəyirəm.
Bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə xaricdə təhsil almaq üçün 5 min tələbənin göndərilməsinə dair dövlət proqramı qəbul olunmuşdur. 2015-ci ildə bu proqram başa çatdı. Amma çox təəssüf ki, biz 5 min tələbə göndərə bilmədik. Hörmətli Mikayıl müəllim təhsil naziri təyin olunandan sonra xaricə göndərilən tələbələrin sayını iki dəfə artırsa da, bu rəqəm təqribən 3700 civarında oldu. Hamımız çox gözəl bilirik ki, XX əsrin əvvəllərində Azərbaycan dövlətini məhz xaricdə – İstanbulda, Rusiyada və Avropanın digər şəhərlərində təhsil almış azərbaycanlılar qurdular. Sonradan o dövlətçiliyi yenidən xaricdə təhsil almış insanlar yaşatdılar. Allah rəhmət etsin, mərhum Prezident Heydər Əliyev də 70-ci illərdə bizim gəncləri, – o vaxt başqa ölkələrə tələbə göndərmək mümkün deyildi, – Rusiyanın tanınmış universitetlərinə göndərirdi ki, təhsil alsınlar. Onların bir hissəsi Rusiyada qaldı, indi bizim diasporamızı yaradıblar. Digər hissəsi isə yüksək ixtisaslı mütəxəssislər kimi vətənə qayıtdılar, Azərbaycan dövlətinə öz töhfələrini verdilər. Düşünürəm ki, büdcədə nə qədər problemlər olsa da, indi də hər il ən azından 100 nəfər istedadlı gənci xaricdə yüksək reytinqli universitetlərdə təhsil almağa göndərməliyik.
Bundan başqa, biz təhsildə mütləq islahatlar aparmalıyıq. Mən hesab edirəm ki, bu, artıq yalnız Təhsil Nazirliyinin səlahiyyətinə aid olan məsələ deyil, bununla əlaqədar olaraq xüsusi dövlət komissiyası yaradılmalıdır. Ona görə ki, valideynlər uşaqlarını ali məktəblərə qoymaq üçün mütləq “repetitor” yanına göndərirlər. Gəlin, gedək universitetlərdə tələbələrdən soruşaq ki, kim “repetitor” yanına getməyib? Görək bir nəfər belə bir tələbə tapa biləcəyikmi? Ona görə ki, məktəblərdə uşaqlara dərsliklər üzrə dərs keçirilir, repetitorlar isə onları testlər üzrə universitetlərə hazırlayırlar. Belədirsə, onda orta məktəblərdə də dərslər test sualları əsasında aparılsın. Baxın Azərbaycanda orta təhsil pulsuz olsa da, faktiki surətdə belə çıxır ki, orta təhsil pulludur. Yəni heç bir “repetitor” pulsuz uşaq hazırlamır. Bu barədə də biz çox ciddi şəkildə düşünməliyik, mütləq təhsildə islahatlar aparmalıyıq.
Bundan başqa, mən komitənin iclasında da məsələ qaldırdım. Biz indi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını publik hüquqi şəxs etdik. Buna indi büdcədən pul ayırmırıq. Onda bu imtahanların keçirilməsi necə olacaq? İmtahanların keçirilməsi üçün valideynlərdən pul alınacaq? Yaxud işsiz adamlar necə pul ödəyib o imtahanlara girəcəklər? Təkrar sertifikat alanları mən kənara qoyuram. Düşünürəm ki, hörmətli Samir müəllim bu barədə də bizə məlumat verməlidir.
İkincisi, – Samir müəllim burada söylədi, – bu il xarici borcların ödənilməsinə 1,6 milyard manat ayırırıq. Bizim bir çox şirkətlərimiz xaricdən dövlət zəmanəti ilə kreditlər götürürlər, amma o kreditlərdən səmərəsiz istifadə olunur. Mətbuatdan oxuyuruq, 3 gün qabaq yaradılmış bir şirkətə bəzən 10 milyon dollarlıq tenderlər verilir. Bu da onu göstərir ki, bu sahədə şəffaflıq təmin olunmur.
Bir çox dövlət orqanlarında son vaxtlar, doğrudan da, şəffaflıq artırılıb. Mən bununla bağlı Dövlət Gömrük Komitəsinin fəaliyyətini qeyd etmək istəyirəm. Amma bizim digər dövlət orqanlarında, digər dövlət şirkətlərində də şəffaflıq təmin olunmalıdır. Bir manatlıq iş beş manata gördürülür, bir manatlıq mal beş manata alınır. Sonra da deyirlər “gəlin, qiyməti qaldıraq, vəsait çatmır”. Mən sizi əmin edirəm ki, o vəsaitdən səmərəli istifadə olunsa, heç qiymətləri qaldırıb əlavə gərginlik yaratmağa ehtiyac qalmaz. Bu barədə ciddi şəkildə düşünməliyik.
Hesablama Palatası çox obyektiv yoxlamalar aparır. Həmin yoxlamaların nəticələri barədə bizə mütəmadi olaraq məlumat verirlər. Amma əksər hallarda biz nəyin şahidi oluruq? Hesablama Palatası yoxlamalar aparandan sonra rəy verilir ki, filan qədər vəsait büdcəyə qaytarıldı. Belə çıxır, hamı çalışacaq ki, oğurlasın. Ən pis halda ona deyəcəklər ki, get, oğurladığın pulu gətir, yerinə qoy. Amma belə olmamalıdır, axı. Aşkara çıxarılan nöqsanlar mütləq Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə göndərilməlidir. Orada cinayət işi başlanmalı, o insanlar təqib olunmalıdır. O insanlar qorxmalıdırlar ki, dövlətin, xalqın əmlakını taladıqlarına görə mütləq məsuliyyətə cəlb olunacaqlar. Hesab edirəm ki, biz bu barədə də ciddi şəkildə düşünməliyik. Cənab Prezident dəfələrlə vurğulayıb ki, vəsaitlərdən olduqca səmərəli və qənaətlə istifadə olunmalıdır.
Hörmətli Oqtay müəllim, hörmətli qonaqlar, sonda bir məsələyə münasibətimi bildirmək istəyirəm. Son vaxtlar Dövlət Neft Fondunun vəsaitlərindən 1 milyard manat gətirilib Beynəlxalq Bankda yerləşdirildi. Mən bunu doğru addım hesab edirəm. Amma mən uzun illərdir, burada hörmətli Elman müəllimə sual verirəm ki, niyə o vəsaitlər ölkəyə gətirilib yerli banklarda yerləşdirilmir? Hökumətimiz yerli banklara etimad göstərmirsə, inanmırsa, o vəsaiti öz banklarımızda saxlamırsa, sadə vətəndaşlar niyə bu banklara etibar etməlidir? Bax, mənim bu sualıma heç vaxt cavab verilməyib.
Bir-iki dəfə Elman müəllim cavab verib ki, bizim iqtisadiyyatın o vəsaiti həzm etməyə gücü çatmaz. Guya mən Dövlət Neft Fondunda olan bütün vəsaitin Azərbaycana gətirilib bizim banklarda yerləşdirilməsini tələb etmişəm. Axı, mən heç vaxt belə bir fikir söyləməmişəm. Mən deyirəm ki, onun bir hissəsi gətirilməlidir. Azərbaycanlı sahibkarın ucuz kreditə əli çatmalıdır ki, iş yerləri açılsın, istehsal, emal müəssisələri yaradılsın. Kredit olmayacağı təqdirdə biz necə iqtisadiyyatımızı yenidən qura, qeyri-neft sektorunu inkişaf etdirə bilərik? Xahiş edirəm, Elman müəllim aydınlıq gətirsin ki, həmin vəsaitlərin illik gəlirliyi nə qədərdir? Biz onu xaricdə saxlayırıq, onlara əmlak almışıq. Onlar yerli banklarda yerləşdirilsə, bəlkə daha çox gəlir gətirər. Mən demirəm ki, o vəsaitin hamısı gətirilsin.
Yadımdadır, 2008-ci il böhranından sonra cənab Prezident də müşavirədə göstəriş verdi ki, – televiziya ilə hamımız izlədik, – vəsaitin bir hissəsi gətirilib yerli banklarda yerləşdirilməlidir. İndi banklar gedib xaricdən 7 faizlə kredit alırlar, sonra 16, hətta 22 faizlə kredit verirlər. 22 faizlə kredit götürən sahibkar necə gəlirli, rentabelli bir müəssisə qura bilər? Ona görə də biz bu barədə düşünməliyik, o vəsaitlərin bir hissəsi yerli banklarda yerləşdirilməlidir. O vəsaitlər təkcə Beynəlxalq Bankda deyil, yüksək reytinqli 5–6 bankda yerləşdirilməlidir ki, azərbaycanlı sahibkarlar ondan istifadə etsinlər. İndi belə çıxır ki, Dövlət Neft Fondu gətirib onu satır və bunun nəticəsində büdcəyə olan vəsaitləri ödəyir. Belə çıxır ki, o vəsaitdən ancaq manatın kursunun sabit saxlanılması üçün istifadə olunur.
Əlbəttə, vaxtı ilə Dövlət Neft Fondundan büdcəyə transfertlər olub və onun hesabına çox böyük işlər görülüb. Burada sadalandı ki, nə qədər böyük işlər görülüb. Biz o işlərin üzərinə kölgə salmaq fikrindən çox uzağıq. Amma düşünürəm ki, real sektora pul lazımdır. Mən keçən dəfə komitənin iclasında misal çəkdim. Məsələn, dəmiryolu sistemi tamamilə yenidən qurulmalıdır. Ora kifayət qədər vəsait lazımdır. Kənd təsərrüfatını, kimya sənayesini inkişaf elətdirmək üçün xeyli vəsait lazımdır.
Burada məndən öncə də qeyd olundu, Azərbaycan neft satır, amma biz avtomobil yağlarını xaricdən alırıq. Avtomobil şinləri Azərbaycanda istehsal oluna bilər, amma biz onu xaricdən alırıq. Biz qeyri-neft sektorunu inkişaf etdirmək haqqında da ciddi düşünməliyik və bu sahələrə vəsait qoymalıyıq. Əlbəttə, o vəsaitlər qoyuldu. Misal üçün, Türkiyəyə biz böyük vəsaitlər qoyduq. Azərbaycanın özündə də yeni iş yerlərinin açılması üçün iri müəssisələrin yaradılmasına çox böyük ehtiyac var.
Mən çıxışmı bir məsələ ilə yekunlaşdırmaq istəyirəm. Bu, qaçqınlarla bağlıdır. Hörmətli Əli Həsənov da iclasda iştirak edir. Mən mətbuatda oxudum, Fövqəladə Hallar Nazirliyinin verdiyi rəsmi rəyə görə 9 min qaçqın ailəsi, təxminən 45 min adam qəzalı binalarda yaşayır. Orada elektrik xətləri qəzalı vəziyyətdədir. Yəni 45 min insan hər an Füzuli qaçqınları kimi həyatını itirə bilər.  Ona görə də, gəlin, idman obyektlərinin tikintisini 2018-ci ilə saxlayaq, qəzalı binalarda yaşayan 9 min qaçqın ailəsinə yeni ev tikək. Özü də pulu qaçqınların özlərinə verək və onlara torpaq ayıraq.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli  hökumət üzvləri, hörmətli həmkarlar, hörmətli media nümayəndələri! Deyildi və təkrar etməyə ehtiyac yoxdur ki, dünya maliyyə-iqtisadi böhranı getdikcə dərinləşir və dünya iqtisadi sistemində öz yerini müəyyənləşdirməyə çalışan bizim kimi ölkələr bundan daha çox əziyyət çəkmək zorunda qalırlar. Üstün cəhətimiz bundadır ki, Azərbaycanın iqtisadi böhrandan çıxması üçün geniş potensialı var. Ortada ölkə Prezidentinin iradəsi, onun peşəkar komandasının fəaliyyəti var. Bu, heç şübhəsiz ki, gələn il Azərbaycanın maliyyə – iqtisadi böhrandan itkisiz çıxması üçün müəyyən nikbinlik yaradır.
Mənə elə gəlir ki, bizim müəyyən çətinliyimiz, əsasən, 2017-ci ildə olacaq. Hörmətli  iqtisadi inkişaf naziri Şahin Mustafayevin verdiyi məlumata görə artıq 2018-ci ildən Azərbaycanda bir çox sənaye müəssisələri işləyəcək, yeni iş yerləri açılacaq və ölkənin büdcəsinə ciddi  maliyyə axını olacaqdır. Bu baxımdan mən prosesə nikbin yanaşıram, fikirlərimi heç də bədbin notlar üzərində qurmaq niyyətində deyiləm. Ümidvaram ki, bütün həmkarlar da mənim bu fikrimlə razıdırlar. Əhalinin sosial müdafiəsində, təhsildə, kənd təsərrüfatında, özəlləşdirmədə, gömrük və vergi sistemində aparılan islahatlar da özünün  müsbət nəticələrini verməkdədir. Əminəm ki, bu müsbət nəticələr 2017-ci ildə ölkəmizdə  xoşagəlməz situasiyanın  yaranmasına imkan verməyəcəkdir. 
Bütün bunlarla bərabər bir sıra fikirlərimi hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Hər zaman  söylənilib, ölkə Prezidentinin də qarşıya qoyduğu ən mühüm vəzifə qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı ilə bağlı burada hörmətli həmkarlarım bəzi fikirlərini söylədilər, yəqin bundan sonra da belə fikirlər səslənəcək. Bu istiqamətdə inkişaf etdirilməli olan ən mühüm sahələrdən biri kimya sənayesidir. Kimya sənayesinin bundan sonra da inkişafına xüsusi olaraq diqqət yetirilməlidir. Azərbaycanın təkcə özünü deyil, həm də yaxın ətrafını kimya məhsulları ilə təmin etmək üçün böyük potensialı var.
İkinci mühüm sahə, təbii ki, kənd təsərrüfatı, aqrar sektordur. Aqrar sektora ciddi əhəmiyyət verilir və son illərdə kənd təsərrüfatında aparılmış davamlı islahatlar bu sahənin inkişafına xüsusi təkan verəcəkdir. Lakin bunun üçün kənd təsərrüfatına ciddi maliyyə dəstəyi verilməlidir. Gələn ilin büdcəsində kənd təsərrüfatının, sahibkarlığın inkişafı üçün cəmi 35 milyon manat pul ayrılıbdır. Bu da gübrə, yaxud da texnikanın alınmasına kifayət edər. Fermer təsərrüfatlarının inkişafı üçün vəsait ayrılmayıb. Nəzərə alaq ki, Sahibkarlığa Yardım Fondunda da belə bir vəsait nəzərdə tutulmayıb. Ancaq nəzərdə tutulub ki, oradan verilən kreditlərdən gələn vəsaitin hesabına yenidən kreditləşməyə keçirilsin. Digər tərəfdən, bu gün Azərbaycanda bank sistemi çöküb və artıq onların sahibkarlara kredit vermək imkanları yoxdur. Əgər bu kreditin verilməsi üçün büdcədə lazım olan vəsait ayrılmayıbsa, biz onda sahibkarlığı necə inkişaf etdirə bilərik? Qeyri-neft sektorunun inkişafı hansı amillər üzərində inkişaf edə bilər? Düşünürəm ki, bu sualların cavabını tapmaq üçün hökumət ciddi şəkildə fikirləşəcək və optimal yollar müəyyənləşdirəcək. 
Daha sonra, burada deyildi, mən də xüsusi olaraq qeyri-neft sektorunun inkişafında nəqliyyat sisteminin vacib rolunu qeyd etmək istəyirəm. Bəlli olduğu kimi, Bakı Beynəlxalq  Dəniz Ticarət Limanının tikintisi ilə bağlı ciddi işlər görülüb, lakin onun başa çatdırılması ləngiyir. Məlumdur ki, Qərbdən Şərqə, Şərqdən Qərbə tranzit yolunun ən optimal, ən qısa yolu Xəzər dənizindən keçir və burada çoxsaylı yüklərin daşınması imkanları, perspektivləri çox böyükdür. Bu liman bütün gücü ilə işləsə, ildə 13, 14 milyon yükün daşınması imkanı var ki, bunun da Azərbaycana nə qədər valyuta gətirəcəyi göz önündədir. Ancaq burada işlər ləng gedir. Mənə elə gəlir ki, bunu sürətləndirmək lazımdır. Eyni zamanda, Xəzər Dənizi Gəmiçiliyinə yeni gəmilərin və bərələrin alınmasına da çox ciddi ehtiyac var. Bu, növbəti büdcədə nəzərə alınmalıdır.
Həmkarım Qüdrət Həsənquliyev dəmir yolu ilə bağlı məsələyə toxundu. Dəmir yolunda son il yarımda gedən proseslər hamımızın gözü qabağındadır. 10 ildə görülməyən işlər il yarımda həyata keçirilib. Bu gün Bakıdan başlamış Gürcüstanın sərhəddinə qədər dəmir yolunun kommunikasiya sistemi dəyişdirilib, ən müasir səviyyəyə çatdırılıb. Sumqayıta artıq yeni elektrik qatarı işləyir. Bu, əhalinin ehtiyaclarını xeyli dərəcədə ödəyib. Digər tərəfdən, Astaraya qədər dəmir yolu çəkildi. Bu da “Şimal–Cənub” nəqliyyat dəhlizində çox böyük rol oynayan bir sahədir. Burada da mühüm işlər görülüb. Lakin bunlar kifayət etmir. Bu gün əgər “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti və onun başında duran hörmətli həmkarımız Cavid Qurbanov bu sistemlə işləyirsə, biz yalnız sözlə ona dəstək verməklə kifayətlənməli deyilik. Bunun üçün ona ciddi maliyyə dəstəyi lazımdır. Yeni vaqonlar, elektrovozlar, avadanlıqlar alınmalıdır. Bunun üçün nəqliyyat sisteminə vur-tut 98 milyon manat ayrılıbdır. 98 milyon manatla bütün bu işlərin həyata keçirilməsi mümkündürmü? Düşünürəm ki, mümkün deyil. Bunu da hökumət nəzərə almalıdır.
Mənzil-kommunal təsərrüfatına 302 milyon manat pul ayrılıbdır. Mənzil-kommunal təsərrüfatı, əslində, özəlləşdirilmiş bir vəziyyətdədir. Mənzil-kommunal təsərrüfatına 302 milyon vəsait ayrılır, amma dediyim kimi, sahibkarlığa vəsait ayrılmır. Xüsusi əhəmiyyət kəsb edən Xarici İşlər Nazirliyinə isə 220 milyon manat vəsait ayrılıb. Bu  gün maliyyə çatışmazlığından bir neçə səfirliyimizin bağlanılması gözlənilir. Başa düşə bilmirəm, mənzil-kommunal təsərrüfat sistemi vacibdir, yoxsa bizim beynəlxalq aləmdə fəaliyyətimizin önə çıxması? Düşünürəm, bu da nəzərə alınmalı və aradan qaldırılmalıdır.
Struktur dəyişikliyi etməklə büdcəyə kifayət qədər fayda  vermək olar. Təkrar strukturlar ləğv edilməli, birləşdirilməli və oradan əldə olunan vəsait büdcəyə yönəldilməlidir.
Mən çıxışımın sonunda hökumət üzvlərinə bir təklif vermək istərdim ki, gələcəkdə bunun üzərində düşünsünlər. Məncə, Azərbaycanın idarəçilik sistemində rayonlar ləğv olunmalı və daha çevik quberniya idarəçilik sisteminə keçilməlidir. Mən təqdim edilmiş qanun layihəsinə səs verəcəyəm və hörmətli həmkarlarımdan da ona müsbət rəy bildirmələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri və millət vəkilləri!  Builki büdcənin əvvəlkilərdən ən böyük fərqi ondan ibarətdir ki, sosialyönümlü xərclərə daha çox yer ayrılıbdır. Büdcənin sosialyönümlü olması ilk növbədə, Azərbaycan cəmiyyətinin zərif təbəqəsi olan məcburi köçkünlərin və qaçqınların sosial məişət səviyyəsinin yüksəldilməsinə xidmət edir. Bu gün o, Azərbaycan hökuməti üçün prioritet bir sahə hesab edilməlidir.
Manatın dollar və avroya nisbətən məzənnəsinin azalması müəyyən problemlər yaradır. Lakin hesab edirəm ki, bu gün Mərkəzi Bankın apardığı pul siyasətinin nəticəsində optimal bir variant əldə olunacaqdır. Bundan başqa, manatın ucuzlaşması bəlkə də ən çox  bank sisteminin özünə təsir göstərir. Qeyd etməliyik ki, əvvəlki illərdən fərqli olaraq builki büdcə bütün dünyada baş verən ekstremal  maliyyə şəraitində qəbul edilir. Büdcə komitələrin birgə iclasında geniş müzakirəsi olundu. Bu gün plenar iclasda müzakirəyə çıxarılır və optimal bir büdcə kimi qəbul edilməlidir. Bu da büdcənin tərtibində iştirak etmiş Maliyyə Nazirliyinin və digər dövlət qurumlarının fəaliyyətinin nəticəsidir. 
2008-ci ildən dünyada baş verən qlobal maliyyə və iqtisadi böhran bildiyiniz kimi, bir neçə il Azərbaycandan yan keçdi. Lakin son illər neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi bizim ölkəmizdə də müəyyən problemlər yaratdı. Cənab Prezidentin rəhbərliyi altında aparılan çevik iqtisadi siyasət nəticəsində, yəqin ki, bu məsələlər yaxın vaxtda aradan qaldırılacaqdır. Bilirsiniz ki, Avropanın əksər ölkələrində vətəndaşların pensiya yaşlarının artırılması, sosial müdafiəyə ayrılan vəsaitlərin azaldılması prosesi baş verir. Allahımıza şükür edək ki, bu gün Azərbaycanda həmin proses yoxdur. Nə pensiya yaşı artırılır, nə də sosial müdafiəyə yönəldilən vəsait azaldılır. Bu da çox fərəhli bir haldır.
Mən Cəbrayıl rayonundan seçilmiş millət vəkili kimi, səhiyyə nazirinin burada olmasından istifadə edib bir məsələ barədə danışmaq istəyirəm. Bilirsiniz ki, Biləsuvar rayonunun 11  qəsəbəsində 22 min cəbrayıllı məskunlaşıb. Həmin ərazidə rayon xəstəxanası fəaliyyət göstərir.  Bu günlərdə mən seçicilərlə görüşən zaman məndən xahiş etdilər ki, həmin xəstəxanaya dialez xəstələri üçün 5–6 aparat verilsin və Bakı şəhərindən ora bir mütəxəssis göndərilsin. Yaxud  da orada işləyən həkimlər üçün Bakıda seminarlar, kurslar təşkil edilsin. Bu, çox vacib məsələdir, çünki o insanlar bəziləri Bakıya, Sumqayıta, İmişliyə gedirlər. Nəqliyyatdan istifadə, uzaq yol onlara pis təsir edir. Bu, çox da vəsait tələb etmir. Hörmətli Oqtay müəllim, mən bu günlərdə rayonun baş həkimi ilə söhbət etdim, bir neçə dialez aparatına ehtiyac vardır.
Mən bir məsələni də qeyd etmək istəyirəm. Dövlət qaçqınkoma müxtəlif mənbələrdən təxminən 294 milyon manat vəsait ayrılıb. Burada həm Dövlət Neft Fondundan, həm dövlət büdcəsindən, həm də xarici təşkilatlardan ayırmalar var. Mən hesab edirəm ki, bu məbləğ dövlət  büdcəsi və Dövlət Neft Fondunun hesabına bir az artırılsa, çox önəmli olardı.
Mən həmkarım Qüdrət Həsənquliyevə minnətdarlığımı bildirirəm. Həqiqətən də, çox pis vəziyyətdə, ağır şəraitdə yaşayan insanlar var. O insanlara heç olmasa, minimum qiymətlərlə dövlət tərəfindən evlərin tikilib verilməsi çox yaxşı olardı. Qüdrət müəllim rəqəmi də dedi, bu, 40–45 min əhalini əhatə edəcək. O qədər də böyük vəsait tələb etmir. Onlar üçün evlərin tikilməsini və onların çətin vəziyyətdən qurtarmasını çox arzu edirəm.
Çıxışımın sonunda qeyd edim ki, həqiqətən də, reallığı nəzərə alan bir büdcədir. Ola bilsin, 2017-ci ildə iqtisadi, maliyyə cəhətdən müəyyən çətinliklər ola bilər, amma xarici ekspertlərin rəylərinə görə bu çatışmazlıq 2018-ci ildə aradan qaldırılacaq. Mən də büdcənin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və media mənsubları! Biz dünya beynəlxalq maliyyə böhranı və neftin qiymətinin dünya bazarlarında enməsi fonunda bu büdcəni müzakirə edirik. Cənab Prezidentin də vurğuladığı kimi, qarşıdakı ildə qeyri-neft sektorunun inkişafını daha da sürətləndirmək, əhalinin aztəminatlı hissəsinin qorunması məsələsinə diqqəti artırmaq ən vacib məsələlərdən biri olacaq. Bu, büdcədə də özünü göstərir.
Mən bu istiqamətdə bir neçə məsələyə toxunacağam. Bu gün gənc ailələrin, ümumiyyətlə, insanların ən ciddi problemlərdən biri mənzillə bağlıdır. Bu gənc ailələrin ən ağır problemlərdən biridir. Cənab Prezident sağ olsun ki, sosial evlərlə bağlı ciddi tapşırıqlar verdi. Bu il ipoteka kreditləri ilə bağlı büdcədə vəsait də nəzərdə tutulur. Biz inanırıq ki, imkanlar artdıqca həcm də artacaq.
Mənim maliyyə naziri Samir Şərifovdan bir xahişim var. Keçən il bu məsələ qalxanda hörmətli nazirimiz demişdi ki, bu, vacib məsələdir və buna baxıla bilər. Ona görə bu il də mən bu məsələni diqqətə çatdırıram. İpoteka kreditlərindən güzəştlə yararlanan kateqoriyalar var. Bu kateqoriyanın içərisinə orta məktəb müəllimlərin daxil edilməsi çox vacibdir, çünki onlar ipotekadan yararlana bilmirlər. Onların əmək haqları ipotekadan yararlanmağa imkan vermir. Onlar güzəştli kateqoriyaya daxil edilsələr, çox yaxşı olar. Devalvasiya fonunda, işığın, qazın və sairin  qiymətlərinin qalxdığı bir vaxtda bu, müəllimlərimizə çox böyük bir dəstək olardı. Bizə lazımdır ki, savadlı gənclərimiz müəllim olsunlar, çünki millətin gələcəyini müəllimlərə etibar edirik. Onların güzəştli ipotekadan yararlanacaq kateqoriyanın içərisində olmaları savadlı gənclər arasında bu sənətə meyli artırmaq üçün çox önəmlidir. Samir müəllim bu məsələyə baxılacağını vurğulamışdı. Ona görə bilmək istərdim ki, 2017-ci ildə bu məsələyə baxıldımı və müəllimlər də o güzəştli  kateqoriyaya daxil edildilərmi?
İkinci, mən büdcədə hansısa məsələni qaldıranda mütləq mənbələr məsələsinin göstərilməsi vurğulanır. Biz bunu başa düşürük. Ona görə, mən daha çox “ölkədən çıxan vəsaiti necə saxlamaq olar” və “büdcəyə əlavə mənbələr nə ola bilər” fikirləri üstündə dayanmaq istəyirəm. Bu məsələlərdən birini burada bir neçə dəfə qaldırmışıq. Hörmətli səhiyyə nazirimiz Oqtay müəllimlə də danışdıq, o da bu məsələyə müsbət fikrini bildirdi. Bu ondan ibarətdir ki, bu il ölkəmizdə səhiyyə müəssisələrinin inkişafı gedir. Bizim Zərifə Əliyeva adına çox gözəl Milli Oftalmologiya Mərkəzimiz var. Amma buna baxmayaraq, yüzlərcə vətəndaşımız hər il  gözün buynuzlu qişasının köçürülməsi  əməliyyatı üçün xarici ölkələrə üz tuturlar. Halbuki bu əməliyyatın ölkəmizdə aparılması üçün hər cür imkan, yaxşı kadrlarımız var. Amma problem ondan ibarətdir ki, buynuzqişa toxumalarının ölkəyə daxil olmasına qadağa var. Əgər biz bu qadağanı aradan götürsək, elə bizim dövlət müəssisələrimizdə bu əməliyyat aparıla bilər. Belə olarsa, həm vətəndaşlarımız rahatlıq taparlar, həm də xeyli vəsait ölkədən çıxmaz.
Digər tərəfdən, onlar xarici ölkədə bu əməliyyatı eləyirlər, amma hamıya bəllidir ki, sonra bu əməliyyatı izləmək də lazımdır. Onlar da bunu edə bilmirlər, çünki o ölkədə qalmaq lazımdır. Gəlirlər, həkim nəzarəti olmur, sonra yenidən problemlə üzləşirlər. Həm vətəndaşlarımızı qorumaq, həm də bu qədər vəsaitin ölkədən çıxmasının qarşısını almaq üçün bu barədə ciddi düşünmək lazımdır. Bu əməliyyat üçün 2 minə yaxın insan növbədədir. Eyni zamanda, bu, səhiyyəmizin imici üçün də vacibdir. Bu əməliyyatın aparılması üçün ölkəmizdə bütün imkanlar var. Niyə insanlarımız xarici ölkələrə gedirlər? Hörməti səhiyyə nazirimiz də buna müsbət baxdığını dedi. Məncə qanunverici orqan və icraedici orqan müəyyən müzakirələr aparıb bu toxumaların ölkəyə gətirilməsinə imkan yaratsalar, yaxşı olar.
Digər bir məsələyə toxunmaq istəyirəm. Bu, hökumətin də nəzarətindədir. Dəfələrlə burada sənədsiz evlərin sənədləşdirilməsi ilə bağlı məsələ qaldırılıb. Bu evlərin sənədləşdirilməsi vətəndaşlarımız üçün faydalı olmaqla yanaşı, dövlət büdcəsinə xeyli vergi və rüsumun daxil olmasına şərait yarada bilər. Həm insanlarımız üçün yaxşı olar, həm də bu mənbələrdən büdcəyə xeyli vəsait daxil ola bilər. Ona görə hökumət üzvlərindən xahiş edirik ki, bu məsələyə diqqəti artırsınlar. Vətəndaşlarımız dəfələrlə bu məsələni qaldırıblar. Bununla bağlı mexanizmlər sürətlənərsə, çox yaxşı olar.
Biz keçən dəfə burada bir məsələ qaldırdıq, dedilər ki, ona baxılacaq. Çox önəmlidir ki, dövlətimiz əhalinin az təminatlı hissəsini qorumaq üçün ünvanlı sosial yardımlar mexanizmini həyata keçirir. Bu il də bunun üçün büdcədən vəsait ayrılıb. Qeyd edilməlidir ki, buradakı subyektiv amilləri, rüşvət və sair kimi halları nazirlik aradan qaldırdı. Bunu elektron varianta keçirdi və şikayətlərin böyük hissəsi aradan qalxdı. Bu çox önəmlidir, amma burada bir məsələ var. 1-ci qrup əlillərin aldığı müavinətin ünvanlı sosial yardım almaq üçün ailənin gəlirlər hissəsinə daxil edilməsi çox narahatlıq yaratmışdır. Çünki 1-ci qrup əlillərin aldığı vəsait özlərinin dərman xərclərinə ancaq çatır. Onlar bunu 1-ci qrup əlillərin aldığı müavinətin büdcə gəlirləri içərisinə daxil edilməməsi, yəni ünvanlı sosial yardım almaq üçün qaldırmışdılar. Nazirlik bu məsələyə  baxıla bilər demişdi. Mən bilmək istəyərdim ki, 2017-ci ildə bu məsələyə baxılacaqmı? Bu, çox vacib və çox önəmli bir məsələdir.
Mən Səlim müəllimə, təhsil nazirimizə təşəkkür eləmək istəyirəm. Biz parlamentdə ali təhsil müəssisələrində təhsil alan 1-ci qrup əlillərin təhsil haqqının dövlət vəsaiti hesabına ödənilməsi məsələsini qaldırmışdıq. Çox çətin idi. Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi üzərinə götürdü. Bu, çox vacib bir məsələ idi və bunun üçün təşəkkür eləmək istəyirəm.
Amma əlillərin işlə təminatı ilə bağlı çətinliklər var. Çox təəssüf ki, Heydər Əliyev Fondundan başqa ölkədə özəl sektordakı qurumların sosial məsuliyyət daşımasında millilik çox azdır. Gözdən Əlillər Cəmiyyəti məsələ qaldırır ki, “Azercell”, “Bakcell” kimi şirkətlərdə işləmək imkanlarımız daha genişdir, çünki orada spesifik işlər daha çoxdur. Nazirlik bu qurumlarla birgə layihələr həyata keçirsə, onları  da bu məsələyə təşviq etsə, xeyli əlilin işlə təmin edilməsinə çox müsbət təsir göstərə bilər.
Həmkarlarım da bu məsələni qaldırdılar, biz, təbii ki, idman obyektlərinin tikilməsinin tərəfdarıyıq. Burada idman obyektlərinin tikilməsi üçün vəsait nəzərdə tutulub. Mən maraqlandım, Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil tikintisi üçün vəsait nəzərdə tutulmayıb. Çox yaxşı olardı ki, o vəsaitin bir hissəsi bu insanlara mənzil tikintisi üçün ayrılsın. Cənab Prezident hər zaman öz ehtiyat fondundan bu məsələ üçün vəsait ayırır. Amma elə cənab Prezidentin imzaladığı sərəncamda da 2014–2019-cu illərdə növbədə olan ailələrin probleminin həll olunması nəzərdə tutulub. Təkcə növbədə duran 5 mindən çox ailədən söhbət gedir. Ona görə büdcədə nəzərdə tutulan vəsaitin bir hissəsinin bu istiqamətə yönəldilməsi yaxşı olardı. Xahiş edərdik ki, bu məsələyə də baxılsın. Təbii ki, büdcəyə səs verəcəyik və ümid edirik ki, çətin olsa da, birlik və bərabərlik içərisində görülən işlər sürətlənəcək. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E.İbrahimov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Büdcə layihəsi ilə tanışlıq onu deməyə əsas verir ki, bünövrəsi ulu öndərimiz Heydər Əliyev tərəfindən yaradılan möhkəm təməl üzərində qoyulmuş iqtisadi inkişaf strategiyası möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi və bilavasitə iştirakı ilə düzgün istiqamətdə aparılır. Keçən dövr ərzində əldə edilən nailiyyətlər bunu əyani sürətdə nümayiş etdirir.
Son illər dünya iqtisadiyyatında baş verən böhranlar, yeni müharibə ocaqlarının alovlanması, aparıcı dövlətlərin siyasi aləmdə yaratdığı gərginliklər və digər xarici amillər nəticəsində neftin qiymətinin kəskin aşağı düşməsi 2017-ci ilin büdcəsinin ümumi parametrlərinə öz mənfi təsirini azda olsa göstərmiş, cari ilə nisbətən büdcənin gəlir və xərcləri bir qədər azalmışdır.
Bildiyiniz kimi, cənab Prezident ölkəyə rəhbərlik etdiyi ilk illərdən başlayaraq iqtisadiyyatın şaxələndirilməsini və qeyri-neft sektorunun inkişaf etdirilməsini əsas prioritet kimi göstərmiş və aparılan siyasətin mərkəzində insan faktorunun dayandığını dəfələrlə qeyd etmişdir. Büdcə materiallarının təhlili bu istiqamətlər üzrə uğurlu nəticələr əldə edildiyini və növbəti ildə də artımlar olacağını göstərir. Belə ki, ildən-ilə dövlət büdcəsinin neft amilindən asılılığı azalır və dövlət büdcəsinin gəlirlərində neft sektorunun payı 2015-ci ildə 58,4 faiz olduğu halda, 2017-ci ildə 49,2 faiz nəzərdə tutulur.
Əgər sosialyönümlü xərclərin xüsusi çəkisi 2015-ci ildə 31,8 faiz təşkil edirdisə, 2017-ci ilə 40,3 faiz nəzərdə tutulur. Bu isə respublikamızda son illər qeyri-neft sektorunda innovasiyalı və yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın formalaşması, davamlı olaraq aparılan iqtisadi islahatlar, qeyri-neft sektoruna investisiyaların həcminin artırılması, sahibkarlığın inkişafı üçün münbit şəraitin yaradılması, yeni sənaye müəssisələrinin fəaliyyətə başlaması, vergi bazasının genişlənməsi, vergidən yayınmaların qarşısının alınması və digər tədbirlərin həyata keçirilməsi ilə əlaqədardır. Bütün bunlar vergi və rüsumların, habelə digər büdcə gəlirlərinə dair nəzərdə tutulan tapşırıqların yerinə yetirilməsindən asılıdır. Hər il olduğu kimi, gələn ildə də büdcə gəlirlərinin əsas ağırlığı Vergilər Nazirliyi və Dövlət Gömrük Komitəsinin üzərinə düşür. Ümid edirik ki, onlar gələn ildə də üzərlərinə düşən bu çətin işin öhdəsindən uğurla gələcək və dövlət büdcəsinə nəzərdə tutulandan da çox vəsait köçürülməsini təmin edəcəklər.
İqtisadiyyatın bütün sahələrində olduğu kimi, qeyri-neft sektorunun əsas istiqamətlərindən biri olan regionların sosial-iqtisadi inkişafı sahəsində görülən işlər də artıq öz bəhrəsini verir. Qeyd etmək istəyirəm ki, ölkəmizdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının bu istiqamətdə apardıqları işlər və göstərdikləri səylər nəticəsində 25 rayon gələn il öz xərclərini özlərinin gəliri hesabına ödəyəcəklər. Bu isə o deməkdir ki, həmin şəhər və rayonlar dövlət büdcəsindən dotasiya almayacaqlar. Bu tədbir onları daha yaxşı işləməyə, yeni istehsal sahələrinin və iş yerlərinin yaradılmasına sövq edəcəkdir.
Məlumdur ki, qeyri-neft sektorunun prioritet istiqaməti olan aqrar bölmə bütün dünya ölkələrində olduğu kimi, respublikamızda da dövlət dəstəyi olmadan inkişaf edə bilməz. Ona görə də bu sahə hörmətli Prezidentimizin diqqət və qayğısı ilə daima əhatə olunur. Məhz bunun nəticəsidir ki, ölkə əhalisinin ərzaq təhlükəsizliyinin təmin edilməsinin bazasını təşkil edən aqrar bölmədə məhsul istehsalının artımı, məhsuldarlığın yüksəldilməsi, intensivləşmənin genişləndirilməsi, yeni texnika və texnologiyaların tətbiqi, müasir tələblərə cavab verən emal müəssisələrinin, aqroparkların və digər obyektlərin yaradılmasında əhəmiyyətli işlər görülmüşdür.
Ölkə üzrə dövlət büdcəsi xərclərinin azalması ilə əlaqədar cari ilə nisbətən gələn il aqrar sahəyə bir qədər az vəsaitin ayrılması bu işlərin əvvəlki həcmdə icrasını təmin etməsə də, təqdim edilən layihənin təhlili göstərir ki, kənd təsərrüfatı məhsulları istehsalının artımı və bu sahənin intensiv inkişafı üçün praktiki əhəmiyyət təşkil edən tədbirlər üçün ayrılan vəsaitlər azalmamış, əksinə artmışdır. Məlumdur ki, məhsul istehsalının artımı üçün ilk növbədə, əldə olunan məhsulu qoruyub saxlamaq və itkiyə yol verməmək lazımdır. Bu mənada baytarlıq və fitosanitar tədbirlərə büdcədən ayrılan vəsaitin artırılması diqqətəlayiqdir. Elə tədbirlər var ki, ona vəsaitin az ayrılması və ya növbəti illərə saxlanması kənd təsərrüfatının ümumi inkişafına həmin büdcə ilində o qədər də təsir göstərmir. Ancaq baytarlıq və fitosanitar tədbirləri vəsaitin az olması səbəbindən lazımi səviyyədə aparılmadıqda onlar hər gün öz mənfi təsirini göstərə bilər. Bu isə milyonlarla itki deməkdir. Odur ki, məsələyə belə düzgün yanaşdıqlarına görə büdcə layihəsini tərtib edənlərə təşəkkür edirəm.
Bu məsələ toxumçuluq ilə məşğul olan təsərrüfatlara ayrılan büdcə vəsaitinin artırılmasında da öz əksini tapmışdır. Bu da onu göstərir ki, Azərbaycan hökuməti kənd təsərrüfatının inkişafında intensivləşməni əsas prioritetlərdən biri kimi görmüş və bu məqsədlə də bitkiçilikdə toxumçuluğun inkişafını təmin etmək üçün büdcədən ayrılan vəsaiti artırmağı nəzərdə tutmuşdur.
Məhsul istehsalının artımında son illər müsbət nəticələr verən subsidiyalar prosesi də gələn il əvvəlki illərdə olduğu səviyyədə davam edəcəkdir. Hörmətli Prezidentimizin imzaladığı sərəncamlara uyğun olaraq növbəti ildə buğda, çəltik, pambıq və tütün istehsalının stimullaşdırılması məqsədi ilə dövlət büdcəsinin vəsaiti hesabına yardım verilməsi, habelə ölkədə ipəkçiliyin inkişafı ilə əlaqədar və Dövlət Toxum Fonduna toxumun tədarükü, saxlanması və istifadəsi ilə bağlı subsidiyanın verilməsi üçün aqrar sektora ayrılan xərclər növbəti ilin büdcə xərclərində öz əksini tapmışdır.
Bütün bunlar 2017-ci ildə kənd təsərrüfatının inkişafına ayrılan büdcə vəsaitlərinin daha səmərəli istifadəsinə imkan verəcək. Yəni çox vəsait ayırıb səmərəsiz istifadə etməkdənsə, az vəsait ayırıb daha səmərəli istifadə etmək olduqca faydalıdır. Özü də bu vəsait həlli daha vacib olan təxirəsalınmaz məsələləri əhatə edəndə onun səmərəsi də yüksək olur. Bu isə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin daha etibarlı təmin edilməsi və ixrac potensialının artırılması baxımından cənab Prezidentin müəyyən etdiyi prioritetlərin icrasını təmin etməyə imkan verəcəkdir. Bu prioritetlər isə hörmətli Prezidentimizin müəyyən etdiyi kimi kənd təsərrüfatı məhsullarının ixracı  hesabına, habelə sənaye potensialı və kənd təsərrüfatının gələcək inkişafı nəticəsində təmin ediləcəkdi.
Eyni zamanda, bildirmək istəyirəm ki, bu il hörmətli Prezidentimizin  təşəbbüsü və tapşırığı ilə aqrar sektorun və kənd təsərrüfatının davamlı inkişafında mühüm əhəmiyyəti olan “Kənd təsərrüfatı kooperasiyası haqqında” Qanun qəbul edilmişdir. Hesab edirəm ki, hökumət qanunun tələblərinə uyğun olaraq aqrar sektorun inkişafında qabaqcıl mövqe tutan ölkələrdə olduğu kimi, respublikamızda da kənd təsərrüfatı kooperasiyası hərəkatının gücləndirilməsi üçün təsirli tədbir görəcək, böyük səmərəsi olan bu işə dövlət dəstəyini əsirgəməyəcək. Kənd təsərrüfatı kooperasiyasının inkişafı həm də ölkəmizə valyuta gətirəcək, ekoloji təmiz kənd təsərrüfatı məhsullarının istehsalının artımına təkan verməklə büdcə gəlirlərini də artırmağa imkan verəcəkdir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, kənd təsərrüfatına sərf edilən xərclər tezliklə öz səmərəsini verir və böhranlı illərdə ən az zərər görən sahə də aqrar sektorudur. Ona görə də bu sahə ölkəmizdə həmişə diqqət mərkəzində olub və hesab edirik ki, bundan sonra da onun inkişafı üçün lazımi tədbirlər görüləcəkdir.
Hörmətli deputat həmkarlarım, bildiyiniz kimi, Naxçıvan Muxtar Respublikası neçə illərdir üzdən iraq qonşularımız tərəfindən blokadadadır. Naxçıvanın blokadada olmasını nəzərə alaraq onun büdcəsinin formalaşmasına diqqətlə yanaşdıqlarına görə Naxçıvan şəhərindən seçilən bir deputat kimi, maliyyə naziri Samir Şərifova və büdcənin tərtibində iştirakı olan hər bir kəsə minnətdarlığımı bildirirəm.
Dünyanın bir çox ölkələrində maliyyə və iqtisadi böhranın davam etdiyi bir şəraitdə neftin qiymətinin kəskin olaraq aşağı düşməsi ölkəmizdə büdcə gəlirlərinin formalaşmasına mənfi təsir etsə də, müzakirə etdiyimiz 2017-ci ilin büdcə layihəsi “Büdcə sistemi haqqında” Qanunun tələblərinə uyğun tərtib edilmiş və nəzərdə tutulan bütün sosial layihələrin icrasını təmin etməyə yönəlmişdir. Mən bu qanun layihəsini dəstəkləyirəm və onun lehinə səs verəcəyəm. Hörmətli deputat həmkarlarımı da layihəyə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafa.
F.Mustafa. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Komitələrdə büdcə layihəsi ilə bağlı çox səmərəli müzakirələr aparıldı və müxtəlif fikirlər səsləndi. Orada səslənən fikirlərin təkrarı olmasın deyə daha vacib saydığımız istiqamətlər üzrə danışacağam.
Hesab edirəm ki, bu gün büdcədən hansı sahəyə, hara daha çox vəsait ayrılmasını müəyyən eləmək bizim özümüz üçün də çətindir, çünki dünyada yaşanan iqtisadi böhranın obyektiv səbəblərindən Azərbaycanda büdcə gəlirləri və xərcləri xeyli azalıbdır. Dövlət Neft Fondundan transfert 1,5 milyard manat səviyyəsində azalıbdır və bu gün faktiki olaraq büdcəmiz 9 milyard manatdan bir qədər artıqdır. Bu vəsaitin bölüşdürülməsi, həqiqətən də, hökumət üzvləri və bu sahəyə məsul şəxslərin özləri üçün də böyük problemlər yaradır. Yəni “hansı sahəyə daha çox üstünlük verək” sualına cavab vermək olmur.
Müdafiə xərcləri, tutaq ki, 2,6 milyard manatdan artıqdır, onu azaltmaq böyük bir riskdir. Mədəniyyət, incəsənət və başqa sahələrə 282 milyon manat vəsait ayrılıb. Yəni 61 faiz azaldılıbdır. Amma pulumuzun bol vaxtında da bu sahədə əmək haqqı çox aşağı idi və onsuz da mədəniyyət, incəsənət sahəsinin işçiləri yaxşı yaşamırdılar. Təhsil sahəsinin işçiləri də eyni problemləri yaşayırdılar. “Repetitor”luqla və yaxud məktəbdənkənar fəaliyyətlə məşğul olmayan insanlar təhsil müəssisəsindən aldıqları maaşla normal təminatlarını həyata keçirmək imkanına sahib deyildilər.
Səhiyyədə də vəziyyət elədir. 745 milyon manat vəsait ayırmışıq. Amma bu gün aktual olan onkoloji, dialez və başqa xəstəliklərin xaricdəki qiymətinə diqqət yetirsəniz, bir ailənin bunun öhdəsindən gəlməsi mümkün deyil. Orta əmək haqqı 508 manat civarında nəzərdə tutulub. Dərman pullarını, başqa ərzaq vasitələrini bir yerdə hesablasanız görərsiniz ki, bu rəqəm 2 dəfə azdır. Ona görə də bunların hamısını dövlətin bugünkü vəziyyətində təmin eləmək problemlidir.
Hesab edirəm, ölkədə ən ciddi, ən problemli, sosial gərginliyin ən ağır olduğu sahələrdən biri qaçqınlarla və bir də, sosial təminat, sosial müdafiə ilə bağlıdır. Şükürlər olsun ki, bu sahədə sosial gərginliyin baş verməsinin qarşısını ala biləcək səviyyədə çox faydalı işlər görüldü. Ölkə Prezidentinin səyləri nəticəsində qaçqınların mənzillə təmin olunması mümkün oldu. Amma bu gün yenə də onların məskunlaşdığı binaların yanından keçərkən qaçqın vətəndaşlarımızın çəkdiyi zülmə, yaşadıqları həyat şərtlərinə ürək acıyır. Biz vaxtında, gəlirlərimiz çox olanda bu problemlərin həllini mütləq önə çəkərək həll etməliydik. Ona görə də bu gün o sahədən hər hansı bir şəkildə vəsaiti azaltmaq olmaz. Mümkün qədər sosial proqramlarda birinci onu həyata keçirmək lazımdır ki, bir problemdən qurtaraq. Çünki qaçqınların mənzillə təmin olunması həm də mülkiyyət hüququ olan insanların müəyyən dərəcədə hüquqlarının bərpası da deməkdir. Yəni 2 vətəndaşı sevindirmiş oluruq. Ona görə də mən, həqiqətən, qaçqınkomun bu istiqamətdə gördüyü işləri təqdir eləməklə yanaşı, vəsait məsələsində bu sahələrə diqqət ayırmasını vacib sayıram.
Devalvasiya problemindən sonra bankların subyektiv və obyektiv amillərdən yaratdığı çətinliklərdən əziyyət çəkən vətəndaşlara faktiki olaraq heç bir ümid verilmədi. Sabah necə olacaq? Kredit borclarını necə ödəyəcəklər? Hamı əlacsız, ümidsiz vəziyyətdə problemin həllini gözləyir. Heç bir hökumət təmsilçisi tərəfindən də vətəndaşa konkret bir söz verilmir. Bu vəziyyətdə ağırlıq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə düşür. Ona görə də onlarla və məşğulluqla bağlı vəsaiti artırmaq lazımdır. Sosial müavinətlərin miqdarını artırmaq lazımdır ki, işsizliyin, yoxsulluğun tüğyan elədiyi bir vaxtda, heç olmasa, bu qurumlar vasitəsi ilə vətəndaşın problemini həll eləmək mümkün olsun.
Digər məsələ mərkəzləşmə ilə bağlıdır. Komitələrin iclasında da qeyd olundu ki, 33 rayon gələn ildən öz gəlirləri ilə öz xərclərini ödəyəcək və dövlətdən dotasiya almayacaq. Bunun nəyi sevindiricidir? Əksər vacib sahələrdə olan xərclər mərkəzləşdirildi, digər xərclər isə yerli xərclərdir. Tutaq ki, bir məktəbin pəncərəsinin şüşəsi qırıldısa, regional idarəyə çıxmalı və deməlidir ki, bizim pəncərimizin şüşəsi sınıb. Əksinə dövlətin maliyyə vəsaitlərinin azlığı ilə üzüzə qaldıqda bu durumda bəlkə də ən radikal islahat bələdiyyə sektorundakı islahatdır. Artıq yaxşı-pis bələdiyyə seçkiləri keçirilib, bələdiyyələr təşkil olunubdur. Səlahiyyətlərinin xeyli hissəsi yerli icra orqanlarından alınıb bələdiyyələrə verilməlidir. Dövlətin yükünü azaltmaq istəyiriksə, mütləq bələdiyyələrin canlandırılmasına ehtiyac var. Hamısında xeyli ştatlar var, amma heç bir səlahiyyət yoxdur. Bələdiyyələrin normal reklam fəaliyyətləri, gəlirlər əldə eləmək imkanları yoxdur.
Vergi yükünü düşünmək lazımdır. Yeganə ölkəyik ki, dövriyyədən dərhal vergi alınır. Türkiyədə və ya başqa ölkələrdə binanı tikəndən və mənzil satılandan sonra vergi alınır. Azərbaycanda binanın yeri qazılan kimi vəsait tələb olunur. Sahibkarın işini yüngülləşdirmək lazımdır ki, ölkənin yükünü, dövlətin çəkə bilmədiyi müəyyən ağırlıqları öz çiyninə götürə bilsin. Ona görə də hədsiz mərkəzləşmədən qaçmaq lazımdır. Nə qədər deyək ki, səhiyyə, təhsil, mədəniyyət və başqa sahələrdə məsələlər yuxarıdan hansısa qərarın alınması ilə həll olunmalıdır. Təhsillə bağlı dəfələrlə qeyd elədik, universitetlərin qapısını açmaq lazımdır ki, bu pullar Ukraynaya, Türkiyəyə getməsin. Kim hansı universiteti istəyirsə, pulunu ödəsin, girsin. Üç il, on il məktəbdə qalsın, amma bu pul da Azərbaycanda qalsın.
Məktəbəqədər təhsillə bağlı bir neçə kəlmə demək istərdim. Hörmətli maliyyə nazirimiz açıqladı ki, dövlət bağçalarında yarı-yarıya bunu həll eləmək olar. Yarısını dövlət, yarısını da valideyn ödəyər və yaxud da bu formada bir sistemə keçmək olar. Məncə, dövlət adına açılan müəssisələrdə bunu etməyin heç bir faydası olmayacaq. Əksinə, özəl sektora üz tutmaq lazımdır. Özəl sektorda maksimum qiymət müəyyən etmək lazımdır. Tutaq ki, təhsil haqqı 100 manatdırsa, 50-sini dövlət ödəyər, 50-sini də sahibkar. Bu həm sahibkarlığın dirçəlməsinə xidmət edər, həm də valideynin yükünü azaldar. Yaxşı təhsil almaq imkanı özəl  müəssisələrdə daha üstün səviyyədə ola bilər. Hesab edirəm ki, bizim bu məsələlərdə bir az çevik davranmağımıza ehtiyac var, çünki gecikmə bir çox hallarda  struktur islahatların aparılmasına problem yaradır.
Bizdə tez-tez fikirlər səsləndirilir ki, ixtisarlar aparılmalıdır. Yaxşı, bu ixtisar edilən adamların hamısı dənizə tökülmür, yoxa çıxmır ki. Bunlar da Azərbaycan vətəndaşlarıdır və işsizlər ordusuna daxil olurlar. Məşğulluq, sosial müavinətlər sistemində o qədər zəngin pul vəsaiti olmalıdır ki, heç olmasa, onların aclıqdan ölməməsi, normal yaşaması üçün təminat verilsin.
Məmur da bizimdir, mədəniyyət işçisi də, sahibkar da. Hamısı bizimkidirsə, onda bu addıma gedilməsinin özündə də problemlər var. Ona görə də özəl sektorun yolunun açılması istiqamətində ciddi işlər görülməlidir. Əks halda yenə də qeyri-müəyyənlik ortada qalacaq, şişirdilmiş icra orqanlarının strukturları da, bələdiyyələr də ayrıca fəaliyyət göstərəcək və yerlərdə hər hansı problemin həlli əvvəlkindən daha çətin vəziyyətdə olacaq.
O baxımdan, hesab edirəm ki, bugünkü büdcə müzakirələri həm də bir məsuliyyət tələb edir. Təkcə hökumətdən yox, elə millət vəkillərindən də məsuliyyət tələb edir ki, özlərinin konstruktiv təkliflərini, normal ideyalarını hökumətə təkcə bu iclasda deyil, başqa bir formada çatdırsınlar ki, müəyyən qərarların alınmasında, müəyyən ideyaların həyata keçirilməsində onlar da çevik davranış ortaya qoysunlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Cənab Sədr, hörmətli hökumət üzvləri! Yaşadığımız dövrün müxtəlif çağırışları qarşısında olanda biz hər zaman ulu öndərin irsinə müraciət edirik. Mən istəyirəm ki, Heydər Əliyevin böyük idarəçilik məktəbindən bir nümunə gətirim və çıxışıma onunla başlayım. 2001-ci ildə  ulu öndər Amerikadan səfərdən qayıdandan sonra 4 naziri yanına dəvət edir və onların ölkədəki vəziyyətlə bağlı hesabatlarını dinləyir. Maliyyə nazirinə üz tutub deyir ki, müxtəlif iqtisadi məsələlərlə bağlı Azərbaycan cəmiyyətində uyğun olmayan diskussiyalar gedir. Nə üçün bu məsələlərlə bağlı geniş izahat işləri aparılmayıb? Müəyyən tapşırıqlar alan nazir 4–5 gün ərzində müxtəlif televiziya kanallarında bu məsələlərlə bağlı geniş izahatlar verir. Daha sonra Yeni Azərbaycan Partiyasının   qərargahında mətbuat konfransı keçirir. 5 gündən sonra  ulu öndərdən növbəti bir zəng gəlir. Bu da ondan ibarət olur ki, bəli, verilən mesajlar cəmiyyətə çatıb, insanlarda bu məsələlərlə bağlı yəqinlik və aydınlıq yaranıbdır.
Mən bu misalı ona görə gətirdim ki, Heydər Əliyev kimi nəhəng bir kişi, nəhəng bir insan, informasiya vasitələrinin gücünü yüksək qiymətləndirirdi və onu idarəçiliyinin ən mühüm elementinə çevirmişdi. “İndi bizi hökumət nə etməlidir?” sualına cavab verəndə deməliyik ki, informasiya  vakuumunu doldurmalıdır. 3–5 ekspert dövlətin siyasətini izah edə bilməz.  Onlar nə qədər bilirlərsə, o qədər danışacaqlar. Ən yaxşı halda onlar  o məlumat boşluğunu dolduracaqlar, ən pis halda dedi-qodular, şayiələr, panika, qeyri-müəyyənlik, bədbinlik və sair artacaqdır. Mən birinci bundan başlamaq istədim.
İkincisi, biz qarşıdakı ilin büdcəsini konsentrasiya olmuş büdcə, konsildasiya olmuş büdcə, səfərbər olmuş büdcə, qənaət büdcəsi  və sair adlandırırıq. Çox yaxşı. Bu o deməkdir ki, əvvəlki illərin uğurlarını qoruyub saxlamalıyıq, amma səhvlərinə də yol verməməliyik. İndi bu müzakirələri apardığımız günlərdə Baş Prokurorluq tərəfindən 2 nazirlik ətrafında aparılan məlum istintaq tədbirlərini mediadan izləyirik. Diqqətinizi o məsələlərə cəlb etmək istəmirəm, ancaq dövlət  büdcə  vəsaitlərinin  ünvansız xərclənməsini 3 yolla həyata keçiriblər. Birinci, proqnozlaşdırma dövründə xərclər tutularkən rəqəmlər şişirdilib, ikinci,  tendersiz investisiya vəsaitləri öz yaxın çevrələrində olan qüvvələrə verilib, üçüncü, həmin nazirliklər hesab ediblər ki, parlament, Maliyyə Nazirliyi və Hesablama Palatası qarşısında hesabatlardan çox asan keçəcəklər. Hökumət o nazirliklərin çevrəsində baş verən hadisələrin təkrarlanmaması, 2017-ci ilin büdcəsinin ünvanlı olması və ondan səmərəli istifadə edilməsi üçün mexanizmlər hazırlamalıdır.
Üçüncü toxunmaq istədiyim məsələ maliyyə-bank sektorundakı sabitliklə bağlıdır. Biz hər zaman obrazlı şəkildə deyirdik ki, iqtisadiyyatın qan-damar sistemi buradır. Əgər biz orada təzyiqi normallaşdırsaq, qan dövranını yaxşılaşdırsaq, bank sektoru iqtisadiyyatın  qalxması üçün önəmli rol oynayacaq. Amma iki devalvasiya ən azı 200 minə yaxın insanı məhkəmələrdə banklarla üz-üzə qoyub. Bu faktdır, bunu inkar etmək olmaz. Problemləri özümüz dedikcə onun üzərində spekulyasiya edən qüvvələrin əllərini oradan kənarlaşdırmaq imkanımız olacaq. İndi biz bu dönəmdə vətəndaşlarla bankların çəkişməsini məhkəməyə ötürmüşük, amma o insanların  gücü, enerjisi, düşüncəsi, ağlı, əqidəsi yaxşı iqtisadi layihələrə yönələ bilərdi. Biz nə etməliyik? Burada qeyd olundu.
Mən ötən dəfə komitədə də dedim, manat da əmtəədir, manat da bazar məhsuludur, onun da tələb və təklif əsasında dəyəri formalaşmalıdır. Bu, aydındır. Amma bizim millətin psixologiyası elə qurulub ki, biz sabit manat istəyirik. Manat bizim üçün ölkədə siyasi, iqtisadi sabitliyin simvoludur. Böyük Britaniyada funt sterlinqin dəyəri enib-qalxa bilər və yaxud avronun kursu hər gün dəyişər, amma Azərbaycanda manatın sabit kursuna nail olmalıyıq ki, vətəndaşlar da investor da və sair də saxlancında olanı çıxarsın. Ona görə də Azərbaycan beynəlxalq məkanda Serbiyadan Yunanıstana qədər investor kimi çıxış edir. Bunlar çox önəmli, yüksək tədbirlərdir, Azərbaycanın buna gücü var. Eyni zamanda, Qüdrət müəllimin dediyi kimi, o vəsaitlərdən 1 milyard manat gətirmək kifayətdir. Elman müəllim qeyd etdi ki, bank sektorunun onu həzm etməyə, xərcləməyə gücü yoxdur, qeyri-sabitdir. Vətəndaşlara aşağı faizlə verin ki, vətəndaşlar bankların borcunu onunla qaytarsın və bu proses normallaşsın. Bir daha deyirəm, bu məsələlərdə kredit  açar rolunda çıxış edir.
Dördüncü toxunmaq istədiyim məsələ özəlləşdirmə ilə bağlıdır. Yenə də ulu öndərin idarəçilik dövrünə qayıdıram. 1993-cü ildə – ən mürəkkəb hərbi siyasi şəraitdə Heydər Əliyev hakimiyyətə gəlmişdi. Amma o dövrdə bütün təhlükələrə baxmayaraq 3 mühüm sahədə strateji, bəlkə də inqilabi qərarlar verildi. Birinci, torpaq vətəndaşların şəxsi istifadəsinə verildi, ikinci, unun taxıl məhsullarının qiyməti liberallaşdırıldı, üçüncü, nəqliyyat vasitələrində gediş haqları liberallaşdırıldı.
Dəfələrlə parlamentdə özəlləşdirmə ilə bağlı məsələ qaldırılıb. Cənab Prezidentin  bu ilin əvvəlində verdiyi sərəncam indi 325 müəssisənin özəlləşdirməyə çıxarılmasına səbəb oldu. Mən istəyirəm, onların adlarını deyəm: uşaq stomatoloji mərkəzləri, Gömrük Hospitalı, çoxlu  xəstəxanalar, məşhur otellər, avtomobil zavodu, yeraltı dayanacaqlar, “Vətən” və “Dostluq” kinoteatrları, nərə və qızıl balıq zavodları və sair. Biz illərlə elə bunları deyirdik. Deyirdik ki, dövlət qarışıq iqtisadiyyata söykənməz. Bu sahədə özəlləşdirmə aparanda birinci, dövlət bu yükdən azad olacaq, ikinci, rəqabət yaranacaq, üçüncü, xidmətin səviyyəsi artacaq. Mən dəfələrlə bu prosesi enerji sektoru üçün də təklif etmişəm. Baxın, hamımız mobil telefondan istifadə edirik.  Kimsə bizə deyirmi ki, Azercelli seçmə, Bakcelli seç? Xeyr. Özümüzün könüllü qərarından asılıdır. Kimsə bizə deyirmi ki, israfçılıq et, ya da etmə? Nə qədər  sözümüzü uzatsaq, Azercell o qədər qazanacaq.  Bu iş prinsipini enerji sektoruna tətbiq etmək  lazımdır. O halda dövlət tarif yükündən azad olacaq və artıq verilən qərar dövlətdən görülməyəcək.
Beşinci toxunmaq istədiyim məsələ indiyə qədərki layihələrin iqtisadi faydası ilə bağlıdır. Cənab Prezidentin verdiyi qərarla Taxtakörpü su anbarı və  eyni adlı su elektrik stansiyası quruldu. Doğrudan da, çox nəhəng layihədir. Onun nəticəsində 100 min hektarlarla ərazi münbitləşməli, vətəndaşlar ora köçməli, orada məhsul istehsal olunmalı və kənd təsərrüfatı bundan qazanmalı idi. Qoy indi müvafiq qurumlar desinlər ki, o sahədə nə dəyişib.
Altıncı, xaricə dollar axınını azaltmaq istəyirik. İstəyirik ki, daha çox gəlsin. Yaxşı, mən sizə bircə maddəni demək istəyirəm. 134 milyon manatlıq əlvan metallar və digərlərini ixrac edirik. Onun 98 milyonu qızıldır. Deməli, belə alınır ki, emal olunmamış qızılı  ixrac edirik, sonra isə daha bahalı qiymətə onu gətiririk. Bir tərəfdən dövlət itirir, o bir tərəfdən də vətəndaşlar.
Toxunmaq istədiyim digər məsələ turizmlə bağlıdır. Hörmətli Şahin müəllim bilir ki, mən ona şəxsən dəyər verirəm, hökumətdə ləyaqəti ilə seçilən bir insandır. Müxtəlif sahələrdə islahatlar üçün mühüm addımlar atılır. Amma Gürcüstanın ərazisi Azərbaycan ərazisinin 70 faizi boydadır. Hər iki ölkənin işğal reallığı var. Amma Gürcüstana il ərzində gələn turistlərin sayı 6 milyondur, bizdə 1 milyon. Gürcüstanın təbii zənginliyi bizdən on dəfələrlə aşağıdır. Bu fərqin sadə bir səbəbi var.  Xarici vətəndaş öz vəsaitinin 70 faizini otel və nəqliyyata verəcəksə, o ölkəyə gəlməyəcək. Ona görə də bu parametrləri dəyişməliyik. Şahin müəllim Doing Businessdən misallar gətirdi, 4 parametr üzrə irəlilədiyimiz qeyd olundu. Biz 65-ci yerdəyik, Gürcüstan 16-cı. Niyə? Çox sadə bir səbəbə görə. Kredit əlçatanlığı aşağıdır, tikinti  icazələrinə görə 27-ci yerdəyik, kommunal proseslərə qoşulmaq üzrə 117-ci yerdəyik və sair. Bunları dəyişə bilərik.
Mən xahiş edirəm, dövlət qulluğunda qaydaları sadələşdirin. Xarici İşlər Nazirliyinə  müraciət edin. Görün nə qədər vətəndaşımız diplomlarını apostil etdirib, ölkədən gediblər. Axı, bu insanları dövlət xərc çəkib yetişdirib. Bir mühəndisin formalaşması üçün xeyli vəsait lazımdır.
Bizim burada qaldırdığımız məsələlərin hamısı bir vahid komandanın içərisində yer almağımızdandır. Burada əyləşənlərin içərisində İlham Əliyevi çox istəyənlərdən biri də mənəm. Onun hakimiyyətinin qüdrətli olmasını hamımız bərabər istəyirik, amma bu təklifləri deyəndə də...
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr,  hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Biz neçə gündür ki, komitələrdə  2017-ci ilin dövlət büdcəsi ciddi müzakirə edilir. Azərbaycan hökuməti, maliyyə naziri, iqtisadiyyat naziri və Hesablama Palatası bu barədə geniş məlumat verib. Komitələrin birgə iclasında biz bir çox məsələlərə toxunmuşuq, aydınlıq gətirmişik.
2017-ci il dövlət büdcəsinə Dövlət Neft Fondundan trasfert təxminən 1,5 milyard manat, 20 faiz azaldılıb. Bu, müsbət haldır.  2017-ci ilə dövlət büdcəsi gəlirlərinin 6,1 milyardı transfert, 5,6 milyardı isə əlavə dəyər vergisindən ibarətdir. 2016-cı ilin əvvəllərində biz Vergi Məcəlləsinə dəyişiklik etdik. Dəyişikliyin əsas məqsədi kiçik və orta sahibkarlığın inkişafı ilə əlaqədar sadələşdirilmiş verginin tətbiqi idi. İlin yekunu göstərdi ki, biz bu sahədə bir sıra müsbət nailiyyətlər əldə etmişik. O vaxt müzakirələr gedəndə biz əlavə dəyər vergisinin də diferensiallaşdırılması ilə əlaqədar təkliflər irəli sürdük. Çox təəssüf edirəm ki, bir ilə yaxın vaxt keçməsinə baxmayaraq, bu məsələ hələ də öz müsbət həllini tapmayıb. Ona görə də Vergilər Nazirliyindən xahiş edərdim ki, diferensial vergi sisteminin tətbiq edilməsinə imkan yaratsınlar.
2017-ci ilin dövlət büdcəsində qeyri-neft sektorunun inkişafı, təxminən 15 faizə yaxın artım nəzərdə  tutulur. Bu da müsbət haldır. Burada iqtisadiyyat naziri cənab Şahin Mustafayev aparılan işlər barədə məlumat verdi. Sənaye parklarının, sənaye məhəllələrinin yaradılması, cənab Prezidentin rəhbərliyi altında   kənd təsərrüfatında gedən aqrar islahatlar, pambıqçılıq, tütünçülük və ipəkçiliyin inkişafı və həmkarlarım da qeyd etdiyi kimi, nəqliyyat sektorunda, xüsusilə dəmir yolunda aparılan islahatlar çox müsbət haldır.
Ümumiyyətlə, aparılan islahatlar  hərtərəfli olmalıdır. İslahatı bir tərəfdən aparıb, o bir tərəfi saxlamaq olmaz. Azərbaycanda həm struktur islahatları, həm də kadr islahatı getməlidir ki, biz 2017-ci ildə ciddi problemlərlə üzləşməyək. 2016-cı ili biz 2,8 faiz resessiya ilə başa vurduq, amma 2017-ci ildə ümumi daxili məhsulda 1 faiz artım nəzərdə tuturuq. Deməli, 2017-ci ildə 2016-cı ilə nisbətən  4 faiz artım əldə etməliyik. Nəyin hesabına? Bu, çox ciddi məsələdir. Mən belə hesab edirəm ki, bu artımı nəzərdə tutmaq çox çətindir.
Dövlət büdcəsinin gəlirlərində ümumi daxili məhsulun payı ilbəil azalır. 2015-ci ildə 32 faiz idisə, 2017-ci ildə bu, təxminən 26 faiz nəzərdə tutulur. Yəni 6 faiz enməyə də aydınlıq gətirilməlidir.
Mən komitənin iclasında qeyd etdim. Biz son vaxtlar bir sıra qapalı təşkilatlara külli miqdarda vəsait ayırdıq. 2017-ci ildə də biz bir sıra qapalı  təşkilatlara, hətta dövlət büdcəsinin 17 faizi miqdarında vəsait ayıracağıq. Çox təəssüflər olsun ki, nə Hesablama Palatası, nə Maliyyə Nazirliyi bu qapalı təşkilatlarda yoxlamalar aparmırlar. Orada maliyyə vəsaitlərinin xərclənməsi üzərində heç bir nəzarət mexanizmi həyata keçirilmir. Mən Hesablama Palatasından xahiş edirəm ki, 2017-ci ilin yekunlarına uyğun olaraq həmin qapalı təşkilatlarda maliyyə vəsaitlərinin xərclənməsinə nəzarəti həyata keçirsinlər. Bu qapalı təşkilat olsa da, dövlət vergisindən və maliyyə vəsaitlərindən söhbət gedir.  
Elmə ayrılan vəsaitlə əlaqədar danışmaq istəyirəm. Elmə ümumi dövlət büdcəsinin 0,7 faiz miqdarında vəsait ayrılır. Bu, çox az vəsaitdir. Biz əgər Azərbaycanda sənayenin, kənd təsərrüfatının inkişafını və elmlə istehsalın vəhdətini təşkil etmək istəyiriksə, elmə ayrılan vəsaitə yenidən baxmaq lazımdır. Yox, əgər Milli Elmlər Akademiyasının bununla əlaqədar layihələri yoxdursa, bu başqa məsələ. Yəni bu, çox ciddi məsələ olduğu üçün elmin inkişafına vəsaitin ayrılmasına diqqət yetirmək lazımdır.
Burada həmkarlarım manatın devalvasiyası ilə əlaqədar məsələyə toxundular. Manatın devalvasiyasından sonra Azərbaycan əhalisi arasında müəyyən problemlər yarandı. Xüsusilə pensiyaçılara, sosial müavinət alanlara verilən vəsait, o cümlədən təhsil və səhiyyə işçilərinin əmək haqları olduqca aşağıdır. Əgər biz iki dəfə devalvasiya etmişiksə, manatı kəskin uzlaşdırmışıqsa, bu insanların əmək haqqı məsələsi də öz həllini tapmalıdır. 
Ən ciddi məsələlərdən biri indiki vəziyyətdə aparılan məhdudlaşdırılmış maliyyə siyasətidir. Mən bir iqtisadçı kimi bu siyasəti qəbul etmirəm. Düzdür, komitənin iclasında da, bu gün burada da cənab Elman Rüstəmov bu siyasəti müdafiə etdi. Mən belə hesab edirəm ki, daha ətraflı maliyyə siyasəti aparılmalıdır. Yəni məhdud maliyyə siyasəti qısa bir müddət, 2 ay üçün özünü doğrulda bilər.
Maliyyəçilər qeyd edirlər ki, əvvəlcə stabilləşdirək, sonra əhatəli maliyyə siyasətinə keçək. Stabilləşmə nə qədər gedə bilər? Bir il də, iki il də gedə bilər, ondan pis vəziyyət də yarana bilər. Amma biz əgər Azərbaycanda real sektoru, qeyri-neft sektorunu inkişaf etdirmək istəyiriksə, mütləq əhatəli maliyyə siyasətinə keçmək lazımdır. Mərkəzi Bank bu gün özünün uçot dərəcəsini 15 faizə qaldırıb. İlin əvvəlində 5 faiz idi, birdən-birə 15 faizə qaldırdılar. Bu da Azərbaycanda pul-kredit siyasətini müəyyən qədər sıxmağa və əhali arasında müəyyən problemin yaranmasına gətirib çıxarır.
Burada bank sistemi, milli valyutanın vəziyyəti ilə əlaqədar məsələyə toxunuldu. Mən sual vermək istəyirəm: Azərbaycanda qara bazarı kim yaradıb? Bu gün banklardan valyuta ala bilmirik, amma qara bazara gedin, nə qədər istəyirsən var. O valyuta qara bazara haradan daxil olur? O, həmin valyutadır ki, Dövlət Neft Fondundan, Mərkəzi Bankın ehtiyatından hərraca çıxarılır, banklar vasitəsilə qara bazara verilir və orada satılır. Niyə bir hüquq mühafizə orqanı qara bazarın bağlanması ilə əlaqədar mübarizə aparmır? Məqsəd, səbəb nədir?
Azərbaycanda bu sahədə çox ciddi problemlər var. Ümumiyyətlə, bank sisteminin sağlamlaşdırılması cənab Prezident tərəfindın ortaya qoyulan məsələdir. Biz bank sistemini sağlamlaşdırmasaq, orada normal, optimal vəziyyət yaratmasaq, Azərbaycan iqtisadiyyatını inkişaf etdirə bilmərik. Bank sistemində vəziyyət həddən artıq ağırdır. Düzdür, Maliyyə Bazarlarına Nəzarət Palatası keçən 8–9 ay ərzində müəyyən işlər görüb. Diaqnostikasını aparıb, müəyyən problemləri üzə çıxarıb və sair. Amma biz nəyə nail olmuşuq? Banklar kredit vermir. Hətta ipotekaya ayrılan 50 milyon manat kredit əhaliyə verilmir, amma dövlət büdcəsində nəzərdə tutulub. Səbəb nədir? Belə məsələlər həddən artıq çoxdur.
Burada qazın, işığın qiymətinə toxunuldu. Bilirsiniz, burada iki məqsəd ola bilər. Ya biz dövlət büdcəsinə əlavə vəsaitin daxil olmasını istəyirik, ya da hansısa şirkəti müdafiə edirik ki, o müəyyən qədər öz problemini həll etsin. Əgər şirkət öz problemini həll etmək istəyirsə, niyə bu günə qədər qazdan, işıqdan yığılan pulların ümumi həcmi 80 faizi keçmir? Əgər insanlar həmin pulu ödəyə bilərsə, 100 faiz verəydilər, heç bir problem olmazdı. Artırılanda heç vəsaitin 80 faizini də yığa bilməyəcək. İndi burada deyirlər ki, 60–70 faiz əhaliyə təsiri yoxdur. Söhbət birbaşa əhaliyə təsirindən getmir, kənar mühitə təsirindən gedir. Ərzaq, qeyri-ərzaq məhsullarının qiyməti, nəqliyyatda gediş haqları qalxacaq. Onda biz əhaliyə millət vəkili olaraq nə cavab verəcəyik? Mən iqtisadçıyam, biz iqtisadçılar istənilən yüz yerdən göstərə bilərik ki, 300 milyonu dövlət büdcəsinə haradan gətirmək olar. Bundan ötrü Azərbaycanda imkanlar çox böyükdür. Qiymətlərin qaldırılmasına heç bir ehtiyac yox idi, bu, Azərbaycanda əlavə problemlər yaradacaq.
Burada regionların dotasiya alması ilə əlaqədar məsələyə toxunuldu. Mən bu məsələni həmişə müdafiə etmişəm. Demişəm ki, regionlara külli miqdarda vəsait ayrılıb. Mən araşdırma apardım, İlham Əliyevin Prezidentliyi dövründə, 12 ildə regionlara 36 milyard manat vəsait ayrılıb. Bu vəsait hara xərclənib? Niyə bu gün biz regionlara əlavə vəsait verməliyik? Hətta cənab nazir qanunun 11-ci maddəsində 10 faizlik baryer də saxlayıb ki, lazım olanda regionlara köməklik göstərilsin. Mən baxmışam, gələn ilin dövlət büdcəsində Xaçmaz, Biləsuvar, Qazax rayonları, – mən heç bilmirəm ki, orada başçı kimdir, – 2,6 milyon manat əlavə  gəlir götürəcək. Bəs digər rayonlar niyə götürməməlidir? Belə məsələlər burada həddən artıq çoxdur.
Sədrlik edən. Sağ olun. Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlar! Büdcə layihəsi və ölkəmizin sosial-iqtisadi inkişafı haqqında geniş təhlillərlə çıxış etdiklərinə görə məruzəçilərə təşəkkürümü bildirirəm. Ölkəmiz cənab Prezidentin rəhbərliyi altında böyük inkişaf yolu keçmiş və bundan sonra da yeni-yeni uğurlara imzalar atacaqdır.
Təqdim olunan dövlət büdcəsi layihəsi isə Azərbaycanın gələcək inkişafının bütün parametrlərini özündə əks etdirərək hazırlanmışdır. 2017-ci ilin dövlət büdcəsi dünyada baş verən iqtisadi və siyasi proseslər fonunda ölkə iqtisadiyyatının qorunub saxlanmasına hesablanıb. Dövlət büdcəsi layihəsində ölkədə makroiqtisadi inkişaf dinamikası qorunub saxlanılmaqla iqtisadi inkişafın müsbət tempdə davam etdirilməsi və sosialyönümlü büdcə xərclərinin səmərəliyinin artırılması nəzərdə tutulmuşdur.
Yola saldığımız ildə neftin qiymətinin dünya bazarlarında aşağı həddə qalması və dünya valyutalarında dollara qarşı baş verən ucuzlaşmalar milli valyutamıza da öz təsirini göstərmiş, daxili bazarda müəyyən qədər bahalaşmaya gətirib çıxarmışdır. Onu da qeyd etmək istəyirəm ki, müvəqqəti iqtisadi çətinlikləri reallıq kimi qəbul etməliyik və 2017-ci ildə dövlət büdcəmizin neftdən asılılığının tam aradan qaldırılması istiqamətində tədbirlər görməliyik.
Eyni zamanda, təsdiq edəcəyimiz dövlət büdcəsinin qənaətli xərclənməsi və əlavə gəlir yerlərinin müəyyən edilməsi istiqamətində işlərimiz davam etdirilməlidir. Amma qənaət dedikdə rayonlarda yerləşən strukturların regionlaşması və rayonlara ayrılan vəsaitləri mərkəzləşdirməklə özünü maliyyələşməyə keçilməsi kimi başa düşməməliyik. 2016-cı ildə altı subyekt özünü maliyyələşdiribsə, artıq 2017-ci ildə 33 subyektin özünü maliyyəşməyə keçəcəyi haqqında büdcə layihəsində qeyd olunub. Düşünürəm ki, nəzərdə tutulan özünü maliyyələşdirəcək rayonlar dövlət büdcəsindən maliyyələşən təşkilatların xərclərini rayon büdcələrindən alaraq mərkəzi büdcəyə yox, həmin rayonlarda büdcəyə gəlir gətirəcək istehsal sahələrinin açılışına yönəltməlidirlər. Daha çox ixrac yönlü mallar istehsal etməli və ölkəmizə valyuta gətirəcək sahələrə diqqəti artırmalıyıq.
Dövlətimiz bu istiqamətdə xeyli iş görür. Sahibkarlıq mühitinin yaxşılaşdırılması və inkişafı istiqamətində böyük islahatlara start verilmişdir. Düşünürəm ki, dövlətin dəstəyi ilə regionlarda sənaye məhəllələrinin yaradılması işini tezləşdirməliyik. Bu həm də işsizlik probleminin birdəfəlik həll olunmasını və büdcəmizin neftdən asılılığının aradan qalxmasını sürətləndirəcəkdir. Bütün inkişaf etmiş ölkələrin iqtisadiyyatına nəzər yetirəndə, görürük ki, o ölkələrin inkişafının kökündə məhz inkişaf etmiş sənaye durur.
Rayonlarda yerləşən təşkilatları rayon tabeliyindən ayıraraq yeni region strukturları yaratmaqla əlavə vəsait xərcləyirik. Ölkə başçımız qeyd edir ki, icra hakimiyyəti, dövlət məmurları xalqa yaxın olmalı, operativ fəaliyyət göstərməlidirlər. Amma biz bu məsləyə necə yanaşırıq? Məsələn, büdcə təşkilatının kənddə yerləşən bir müəssisəsində təmirə ehtiyac yarandıqda həmin məsələnin regionda yerləşən idarəyə gedib çatması və icrası üçün aylarla vaxt lazımdır. Halbuki bu məsələ operativ şəkildə öz həllini tapmalıdır. Kənddə yaşayan bir şəxsin regionda yaradılmış idarəyə müraciət etməsi günlərlə vaxt itkisinə və əlavə vəsaitin xərcləməsinə gətirib çıxarır. Regionlaşma həm də rayonlarda idarəetmə işinə müəyyən çətinliklər yaradır. Düşünürəm ki, region idarələrinin yaradılması məsələsi pilot layihə ilə həyata keçirilməlidir. Əgər səmərə verərsə, bundan sonra onu ölkə miqyasında tədbir etmək olar.
Gələcəkdə dövlət büdcəsini sahibkarlıqdan gələn vergilər hesabına formalaşdırmalıyıq. İnkişaf etmiş ölkələrin təcrübəsində də bu, belədir. Cənab Prezidentin tapşırığı ilə sahibkarlığın inkişaf etdirilməsi ilə əlaqədar bir sıra islahatlar aparılır. Məsələn, sahibkarlıq subyektlərində vergi yoxlamaları iki il müddətinə dayandırıldı. Lisenziya və ya xüsusi razılıqların miqdarını minimum həddə endirdik. Sahibkarlıq fəaliyyətinin qeydiyyata alınması üçün “bir pəncərə” sistemi tətbiq olundu. Vergi Məcəlləsində müəyyən dəyişikliklər etdik. Bütün bu dəyişikliklər ölkədə sahibkarlığın inkişafına xidmət edir və öz bəhrəsini verməkdədir.
Bu dəyişikliklərdən biri də sadələşdirilmiş vergi ilə əlaqədar olmuşdur. Dəyişiklikdə qeyd olunurdu ki, sahibkar 6 faiz sadələşdirilmiş vergi ödəməklə dövriyyənin həcmi nəzərə alınmadan ƏDV ödəyicisi olmayaraq fəaliyyət göstərə bilər. Ssahibkarlara fəaliyyət dövriyyəsinin həcmi nəzərə alınmadan, yəni hazırki vəziyyətdə il ərzində 200 min manat hədd müəyyənləşdirilib. Düşünürəm ki, onlara 6 faiz yox, 2 və ya 4 faiz vergi ödəməklə ƏDV ödəyicisi olmadan fəaliyyət göstərməyə imkan yaratmalıyıq. Belə olarsa, ölkədə sahibkarlıq inkişaf edəcək və dövlət büdcəsinə ödənilən verginin  həcmi artacaq. Qanun layihəsinə səs verəcəyəm. Təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Azər müəllim. Əli Məsimli, buyurun.
Ə.Məsimli. Çox sağ olun, təşəkkür edirəm. 2017-ci ilin büdcəsi komitələrdə müzakirə olunan zaman büdcə siyasəti barəsində vacib hesab elədiyim sualları qaldırdım. Bir hissəsi açıq qalsa da, bir hissəsi maliyyə naziri, Mərkəzi Bankın sədri tərəfindən cavablandırıldı. Buna görə təşəkkür edirəm. Eyni zamanda, ölkədə büdcənin müzakirəsi böyük bir hadisədir və Azərbaycan cəmiyyətinin bundan böyük gözləntiləri var. Ona görə mən bu dəfə sualları Azərbaycan cəmiyyətinin gözləntiləri nöqteyi-nəzərindən qaldırmaq istərdim.
Birinci, Azərbaycanda getdikcə dərinləşməkdə olan böhran nə vaxt səngiyəcək?
İkinci, Azərbaycanda üçüncü şok devalvasiya olacaqmı? Yaxud da aparılan indiki maliyyə-kredit siyasəti Azərbaycanı üçüncü şok devalvasiyaya aparmırmı?
Üçüncü, manat nə vaxt etibarlı şəkildə sabitləşəcək?
Dördüncü, qiymətlərin, xüsusən də xaricdən gələn malların qiymətinin artması getdikcə sürətlənir. Belə şəraitdə əhalinin aztəminatlı təbəqəsinin həyat səviyyəsi aşağı düşməyə başlayır. Əhalinin aztəminatlı hissəsinin sosial müdafiəsi istiqamətində görülən tədbirlərlə yanaşı, büdcədən maliyyələşən az maaş alan təbəqənin maaşları artacaqmı?
Beşinci, xarici valyutada olan kreditlərlə bağlı vətəndaşlara güzəştlər ediləcəkmi?
Burada iqtisadiyyat naziri çox gözəl bir müqayisə apardı. Bir ilin ərzində yoxlamalar 67 mindən 67-yə enib. Görün, yazıq sahibkarlar nə çəkir? 67 min yoxlama və 67 min dəfə rüşvət. Deməli, ona görə növbəti altıncı sual əmələ gəlir. Bu sahibkarları soyan məmur özbaşınalıqlarına son qoyulacaqmı?
İndiki dövrdə iqtisadi fəallığı artırmaqdan ötrü mütləq vergi yükü aşağı salınmalıdır. Növbəti yeddinci sual ondan ibarətdir ki, vergi yükünün yüngülləşdirilməsi istiqamətində addımlar atılacaqmı?
Həmin yeddi sualın ətrafında bəzi fikirlərimi sizinlə bölüşmək istərdim. Yeddi suala müsbət cavab verməkdən ötrü, hesab edirəm ki, hər şeydən əvvəl Azərbaycan Respublikası Prezidentinin bu ilin əvvəlində başladığı və siyasi iradə nümayiş etdirdiyi siyasi islahatların davamlılığının təmin edilməsinə komandanın bir hissəsi yox, bütövlükdə komanda qoşulmalıdır. Mən dediyimi əsaslandıra bilməsəm, demərəm. Azərbaycan Respublikası Prezidentinin fərmanlarını qaldırıb baxsınlar, orada Prezident aidiyyəti orqanlara iki ay, yaxud da üç ay zaman verib. Prezident iki ay müddət verəndə dəqiq bilir ki, bu işi bir aya görmək olar. Üç ay verəndə dəqiq bilir ki, ay yarıma görmək olar. Niyə onu 6–7 aya əmələ gətirmək olmur? Bu, təxribat, səriştəsizlik, yoxsa saymamazlıqdır?
İkinci, Prezident sahibkarlığın inkişafı istiqamətində görüləcək işlər barəsində danışanda həmişə qarant kimi çıxış edir və doğrudan da, insanları iqtisadi fəallığa həvəsləndirən çıxışlar edir. Amma o təşəbbüskar insanlar ilk addımı atan kimi aidiyyəti orqanların nümayəndələri gəlir ki, biz heç nə bilmirik, bizim payımızı verin. Nəhayət, həmin insanların cəzalandırılması, televiziya vasitəsilə ictimaiyyətə göstərilməsi və ondan sonra göstəriş verənlərə çıxılması istiqamətində Azərbaycan hökuməti, Azərbaycanın aidiyyəti təşkilatları müəyyən işlər görəcəkmi?
İndi elə bir vəziyyətdir ki, əgər Dövlət Neft Fondundan vəsaiti azaldırıqsa, əlavə vəsaitin əldə edilməsi imkanları məhduddur. Əgər bu gün 3 faizə qədər enmə olacaqsa, gələn il 1 faizdir. Ondan sonra da artımlar 2016-cı ilin enməsini həmən dolduracaq. Deməli, büdcəyə əlavə iqtisadi artım vasitəsilə vəsait daxil olmayacaq. Onda nədən istifadə eləmək lazımdır? Ölkə daxilində və ölkə xaricində olan resursların yenidən bölgüsündən. Dünya praktikasında ən yaxşı üsullardan biri korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi və korrupsiya pullarının bir hissəsinin büdcəyə istiqamətəndirilməsidir. Hesablama apardım, kölgə iqtisadiyyatının onca faiz daraldılması ilə Azərbaycanın dövlət büdcəsinə yarım milyard manatdan çox vəsait gətirmək olar. Qazın və elektrik enerjisinin qiymətlərinin artırılması ilə büdcəyə cəmi 300 milyon manat pul daxil olacaq. 300 milyon manata görə bu qədər narazılıq yaratmağa ehtiyac vardımı?
Azərbaycan hökuməti burada iqtisadiyyat nazirinin qaldırdığı çox gözəl layihələri yerinə yetirməklə bir əli ilə yeni iş yerləri, yeni istehsal sahələri açır, o biri əli ilə isə qazın və işığın qiymətini maya dəyərindən bir neçə dəfə yuxarı qaldırmaqla istehsal müəssisələrini və iş yerlərini qapadır. Ayda 30 min manat işıq pulu verən istixanalar indi 60 min verəcək. Ya o pulu qoyub həmin məhsulları daxildə sata bilməyəcək, ya da xaricə çıxara bilməyəcək. Rəqabətdə uduzacaq, başqa ölkələr də həmin bazarı tutacaq. Mənə elə gəlir ki, bu cür yarımçıq siyasət Azərbaycanda məhz neftdən kənar sahənin inkişafına mane olan amillərdir.
Eyni zamanda, qeyd etmək istərdim ki, burada səslənən çıxışların ictimaiyyətə çatdırılması həddən artıq vacibdir. İctimaiyyət ölkədə gedən proseslərlə daha yaxından tanış olmalıdır.
Bir də Mərkəzi Bankın sədrinin çıxışında diskussiya xarakterli bəzi məqamlar olsa da, böhrandan çıxmanın düzgün bir resepti verilib. Ona görə, təklif edirəm ki, Maliyyə Sabitliyi Şurası həmin çıxışı çap etdirsin və onun həyata keçirilməsi istiqamətində əməli tədbirlər görsün. Hesab edirəm ki, bu, tam obyektiv, səmimi söhbətdir, Azərbaycan hökumətinin yaxın aylarda yaxşı fayda götürməsi üçün vacib bir məsələdir.
Eyni zamanda, qeyd etmək istərdim ki, Sumqayıta baxanda bu, pessimizmin aradan qaldırılmasına yönəlmiş xeyli işlər görmək olar. Amma nəzərə alsaq ki, həmin gözəl layihələr 7 il vergidən azaddır, deməli, büdcə ilə elə bir əlaqəsi olmayacaq. Ondan kənar əlavə dəyər gətirən sahələri də inkişaf etdirmək lazımdır. Artıq Azərbaycan Respublikası Prezidentinin nəzərində həmin sahələrdən biri ipəkçilikdir.
Baş nazir burada iştirak eləmir. Hesab edirəm  ki, onu təmsil edən adamlar mənim fikrimi çatdıracaqlar. Şəki İpək Kombinatının inkişafı Şəkinin qalxmasıdır, Şəkinin qalxması isə bir ucu Ağdaş, o  biri ucu Balakən olmaqla ən azı  700–800 min əhali yaşayan bir regionun qalxması deməkdir. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, Şəki İpək Kombinatının qalxmasını təmin etmək üçün onu əlverişli kreditlə təmin etmək lazımdır. Bir də, mən cənab Baş nazirə məktub yazmışam, əlahiddə qaz xəttinin çəkilməsi üçün ona dəstək vermək lazımdır. Bu istiqamətdə işlər görmək lazımdır.
Nə qədər ki xarici valyutalarla olan kredit məsələsi həll olunmayıb, bu sahədə problemlər qalacaq. Ona görə, hesab edirəm ki, xarici valyuta ilə olan kreditlərin həlli istiqamətində də ciddi addımlar atılmalıdır. Bu problem həll olunsa, biz 2017-ci ildə böhrandan çıxa bilərik. Əks halda böhran uzanacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Bu gün müzakirəyə çıxarılan növbəti ilin dövlət büdcəsinin layihəsi əvvəlki illərin dövlət büdcələrinin xarakterik keyfiyyətlərindən olan sosialyönümlülük keyfiyyətini özündə qoruyub saxlayıb. Belə ki, növbəti ilin dövlət büdcəsində müxtəlif sahələr üzrə büdcə xərcləri azalsa da, sosial istiqamətdə olan büdcə xərcləri nəinki azalmayıb, hətta daha da artıb. Bu da təbii bir haldır. Çünki sosial siyasət Azərbaycan Respublikasının dövlət siyasəti içərisində prioritet bir istiqamətdir və Azərbaycan dövlətinin Azərbaycan Respublikasının vətəndaşından dəyərli milli sərvəti yoxdur.
Hörmətli həmkarlar, etiraf etməliyik ki, növbəti ilin dövlət büdcəsi iqtisadi baxımdan heç də rahat olmayan bir şəraitdə hazırlanıb. Bu baxımdan bəzi məsələlər əvvəlki illərdən fərqlənir. Son illərdə baş verən hadisələr göstərdi ki, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının ləğvi ilə bağlı proseslər çox ləng gedir və bu sahədəki uğurlarımız kifayət deyil. Elə son dövrdə neftin qiymətinin aşağı düşməsinin özü bu halı bir daha təsdiqlədi.
Mən düşünürəm ki, Azərbaycan iqtisadiyyatının neft amilindən asılılığının azaldılmasının ən optimal yolu regionların sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsi və bu sahədə ciddi uğurlara nail olunmasıdır. Düzdür, regionların sosial-iqtisadi inkişafı ilə bağlı bir neçə dövlət proqramı çərçivəsində çox böyük işlər görülüb, amma etiraf etməliyik ki, bu sahədə də kifayət qədər uğurlarımız yoxdur. Bu sahədə çox böyük işlər görülsə də, milyardlarla pul xərclənsə də, bu gün regionlarımızda kifayət qədər problemlər var.
Mən düşünürəm ki, regionların sürətli inkişafının təmin edilməsi üçün dövlət-özəl sektor münasibətlərində əməkdaşlığa nail olmaq lazımdır. “Regionların sosial-iqtisadi inkişafı” deyəndə gözümüzün qabağına dövlət vəsaiti hesabına və yaxud dövlət proqramları çərçivəsində regionlarda müxtəlif infrastruktur obyektlərinin tikilməsi, yeni iş yerlərinin yaradılması gəlir. Amma düşünürəm ki, bu məsələdə özəl sektorun gücündən tam şəkildə istifadə olunmalıdır. Lazım gələrsə onlar üçün güzəştli şərait yaratmaq, güzəştli kreditlər də vermək olar. Dövlətin bir neçə sosial-iqtisadi inkişaf proqramının həyata keçirilməsindən sonra belə demək mümkündürsə, regionlarımız iqtisadi muxtariyyətə nail ola bilməyiblərsə, deməli, uğurlarımız hələ də kifayət etmir. Hələ də Azərbaycanın regionlarının böyük əksəriyyəti dövlət büdcəsindən dotasiya hesabına dolanır. Düşünürəm ki, bu sahədə ciddi uğurların əldə olunması üçün özəl sektorun bu işə cəlb olunması və dövlətlə özəl sektor arasında əməkdaşlığın yaradılması vacibdir.
Fürsətdən istifadə edib deputat seçildiyim Şirvan şəhəri ilə bağlı bir sıra problemləri demək istəyirəm. Şirvan şəhəri tipik bir sənaye şəhəridir və düşünürəm, regionların sosial-iqtisadi inkişafı ilə bağlı məsələdə belə şəhərlərə fərqli yanaşma olmalıdır. Çünki kənd rayonlarından fərqli olaraq burada əhalinin böyük əksəriyyəti çoxmənzilli binalarda yaşayır və onların dolanışığında yeganə mənbə sənaye müəssisələrindən aldıqları məvacibdir. Buna görə də iqtisadi böhran şəraitində mövcud problemlər tipik sənaye şəhərlərində özünü daha qabarıq göstərir. Şirvan Azərbaycanda gedən quruculuq, abadlıq işlərini özündə bariz şəkildə nümayiş etdirən bir şəhərdir. Şəhər həmişə ölkə Prezidentinin qayğısını hiss edib. Elə bu yaxınlarda Prezidentin Ehtiyat Fondundan hündür mərtəbəli binaların dam örtüyünün dəyişdirilməsi, habelə bir sıra iqtisadi problemlərin həlli ilə bağlı vəsait ayrılmışdır.
Bundan başqa, rayon icra hakimiyyətinin və Müdafiə Sənayesi Nazirliyinin xətti ilə də şəhərdə çox böyük işlər görülüb. Amma sovet dönəmindən yığılıb qalmış elə problemlər var ki, nəinki növbəti ildə, hətta növbəti illər ərzində onların həlli üçün dövlətin gücündən tam istifadə etmək lazımdır.
Hamı bilir ki, Şirvan şəhəri Kür çayının sahilində yerləşir. Avropanın birinci, dünyanın ikinci açıq tipli elektrik stansiyası oradadır. Şirvanda zəngin neft və qaz yataqları var. Amma əfsuslar olsun ki, su, təbii qaz və elektrik təchizatı ilə bağlı məsələlər ürək açan səviyyədə deyil. Su, kanalizasiya və digər infrastruktur xətləri çoxdan ömrünü başa vurub. Bununla bağlı ciddi sosial-iqtisadi inkişaf proqramlarına ehtiyac duyulur.
Bəlkə də bəzi insanlar düşünəcək ki, belə bir iqtisadi böhran şəraitində idmanla bağlı məsələni qabartmaq o qədər də yerinə düşmür. Amma mən vurğulamaq istəyirəm ki, Şirvan şəhərində bir dənə də olsun futbol stadionu yoxdur. Şirvan şəhərinin futbol komandası da yoxdur. Bəlkə də heç kim buna inanmayacaq və deyəcək ki, keçmişdə Əli-Bayramlının “Energetika” futbol komandası uzun illər respublika çempionu olub, respublika kubokuna yiyələnib. 2003-cü ildə həvəskarlardan ibarət komanda ikinci yer, 2006-cı ildə birinci yer tutub. Amma vurğulamaq istəyirəm ki, bu futbol komandası indi dağılıb və onlar məşq etmək üçün kilometrlərlə məsafə qət edərək Salyanın Qaraçala kənd stadionuna gedirdilər. Şirvan şəhərində yeganə bir mini futbol meydançası var. Onun süni ot örtüyünün  dəyişdirilməsi üçün dəfələrlə  Gənclər və İdman  Nazirliyinə müraciət etsəm də, əfsuslar olsun, heç bir xeyri olmayıb. 2011–2015-ci illər üzrə dövlət proqramı çərçivəsində gənclər evi tikilib ki, o da istifadəyə verilməyib. Mərkəzi stadionla, gənclər evi ilə bağlı dəfələrlə nazirliyə müraciət etsək də, heç bir müsbət nəticə əldə edə bilməmişik.
Mən bir daha vurğulamaq istəyirəm ki, Şirvan şəhərində bütün dünya üçün ümumi bəla olan işsizlik problemi daha qabarıq şəkildə özünü göstərir. İşsizlərin böyük əksəriyyəti də gənclərdir. Onlar tipik sənaye şəhərində yaşayırlar və bu insanların, bir daha vurğulayıram, sənaye müəssisələrində aldıqları məvacibdən başqa dolanışıq mənbələri yoxdur. Belə bir vəziyyətdə bu problemin gələcəkdə verə biləcəyi fəsadları təsəvvür etmək çətin deyil.
Mən çıxışımın sonunda Nazirlər Kabinetindən xahiş edirəm ki, Şirvan şəhərində işsizliyin aradan qaldırılması ilə bağlı real addımlar atılsın. Mən vurğulamaq istəyirəm ki, Şirvan əhalisi Azərbaycan xalqının çox layiqli, vətənpərvər, əməksevər bir hissəsidir. Şirvan camaatı, Şirvan gəncləri Azərbaycan tarixinin ən çətin, ən təzadlı dönəmlərində birmənalı şəkildə vətənpərvərlik nümayiş etdirib, Azərbaycan dövlətçiliyinin müdafiəsinə qalxıblar. Şirvan şəhəri Qarabağ döyüşlərində ən çox şəhid verən bölgələrimizdəndir. Aprel döyüşlərində də şəhidlərimiz oldu. Mən düşünürəm ki, Şirvan şəhərinin sosial-iqtisadi inkişafı ilə bağlı növbəti ildə real tədbirlər görüləcək. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli cənab Sədr, əziz həmkarlar, hörmətli hökumət nümayəndələri! Mən hər birinizi salamlayıram və bir neçə kəlmə ilə fikirlərimi sizinlə bölüşmək istəyirəm. Düşünürəm ki, mövcud büdcə makroiqtisadi şəraitə uyğun olaraq kifayət qədər əsaslandırılmış və mütəşəkkil şəkildə hazırlanmışdır. Mən bu başdan büdcəyə səs verəcəyimi bildirmək istəyirəm.
Hörmətli Oqtay müəllim, biz komitənin iclasında da bu məsələni qaldırmışıq. Bu il Azərbaycan Respublikasının Prezident yanında  Gənclər Fonduna ayrılan vəsait təqribən 4 dəfə azalaraq 1 milyon manat civarında müəyyənləşdirilmişdir. Fondun fəaliyyətinə nəzər salsaq görərik ki, yarandığı il fonda göndərilən layihələrin sayı 196 idisə, 8-ci qrant müsabiqəsində 10 dəfə artmış, 1900-ə çatmışdır. Fond təşkilatlarla yanaşı, fərdi gəncləri də maliyyələşdirir. Maliyyələşdirilən layihələr bütün Azərbaycanı, o cümlədən ucqar kəndləri də əhatə edir. İndiyə qədər fondun layihələrindən təqribən 3300 nəfər gənc yararlanmışdır. Bu da onların dünyagörüşünün artmasını, sağlam gənclik kimi formalaşmasını saxlamaqla yanaşı, alternativ iş mənbələri qismində də çıxış etmişdir.
Biz hər zaman cənab Prezidentin gənclərə diqqətini, qayğısını hiss edirik. Cənab Prezident regionlara səfəri zamanı gənclərlə mütəmadi görüşür və onların problemləri ilə maraqlanır. Birdən-birə fondun büdcəsinin 4 dəfəyə yaxın azalması, düşünürəm ki, gənclər siyasətində müəyyən çətinliklər yaradacaqdır. Nəzərə alsaq ki, artıq qeyri-hökumət təşkilatları, xüsusilə gənclər təşkilatları xaricdən maliyyələşmədə müəyyən çətinliklər yaşayırlar, bu zaman fondun milli donor kimi çıxış etməsi məsələsi daha qabarıq şəkildə özünü büruzə verir. Mən Maliyyə Nazirliyindən xahiş edərdim ki, imkan olarsa, fondun maliyyələşmə məsələsinə yenidən baxılsın.
Qaldırmaq istədiyim digər məsələ, əslində sual da ola bilər. Sovet dövründə bir xidmət var idi və bir neçə dəfə hörmətli həmkarlarım bu məsələni qaldırıblar. Mən bu məsələni xüsusi vurğulamaq istərdim. Sovet dövründə Fəal atmosfer proseslərinə təsir xidməti adlı bir xidmət var idi ki, o, Azərbaycanın 13 regionunda fəaliyyət göstərirdi. Əsas iş prinsipi də dolu və şimşəyə qarşı mübarizə aparmaq idi. Qeyd etmək istərdim ki, bu xidmət Azərbaycanda 1967-ci ildən fəaliyyət göstərməyə başlayıb. Müstəqillik illərində məlum məsələlərlə bağlı onların bir neçəsi işğal altında qaldı, bəzi toplar müharibəyə cəlb olundu və sair. Bu xidmət dağıdıldı.
Kənd Təsərrüfatı Nazirliyinin son dövrlərdə apardığı işlər diqqətəlayiqdir. Dövlət dotasiyalar verir, kəndli torpağa qayıdır və kənd təsərrüfatına kifayət qədər maraq var. Amma bir tərəfdən də dolu kənd təsərrüfatı məhsullarına ciddi ziyan vurur. Mən Kənd Təsərrüfatı Nazirliyindən soruşmaq istərdim ki, bu sistem yenidən bərpa oluna və insanlar bu çətinlikdən yaxa qurtara bilərlərmi? Sonda demək istəyirəm ki, cənab Prezident həm kənd təsərrüfatı, həm də sənaye sahəsində ciddi islahatlar aparır. Bu islahatların, əlbəttə ki, yaxşı nəticəsi olacaq. Sadəcə olaraq, bunun üçün vaxt lazımdır. Düşünürəm ki, yaxın gələcəkdə Azərbaycan həm kənd təsərrüfatı, həm də yenilənmiş sənaye sahəsi ilə bu çətinlikləri aradan qaldıracaq və ənənəvi olaraq regiondakı liderlik xüsusiyyətlərini davam etdirəcəkdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, bugünkü iclasımız sona çatır, müzakirələri sabahkı iclasımızda davam etdirəcəyik. Sağ olun.

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi