2017-ci il 1 fevral tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
VI  SESSİYASI  İCLASININ

PROTOKOLU № 33

Milli Məclisin iclas salonu.
1 fevral 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 109
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.
4. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
22. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
24. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət-keçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 110
Nəticə: Qəbul edildi


1. Azərbaycan Respublikası Milli Məclisi İntizam komissiyasının  yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Zahid Oruc, Vahid Əhmədov, Elmira Axundova, Siyavuş Novruzov, Qüdrət Həsənquliyev, Əli Məsimli, Musa Quliyev, Ziyafət Əsgərov, Əflatun Amaşov, Aydın Mirzəzadə, Astan Şahverdiyev, Yaqub Mahmudov, Qənirə Paşayeva, Fəzail Ağamalı, Araz Əlizadə

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

4. “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev, Valeh Ələsgərov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 885 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə dəyişikliklər edilməsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

8. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli 377-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

9. “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Bahar Muradova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

13. “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişdir:
  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

14. “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

15. “Qrant haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

16. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

17. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

18. “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi


20. “Gömrük tarifi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

22. “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişlər:
  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

23. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Rafael Hüseynov, Ülviyyə Həmzəyeva

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamədə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.


Çıxış etmişlər:
  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Rövşən Rzayev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

27. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

1 fevral  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Hörmətli deputatlar, Milli Məclisin 2017-ci il yaz sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

Sədrlik edən.
Hörmətli millət vəkilləri, yaz sessiyasının başlanması münasibəti ilə hamınızı ürəkdən təbrik edirəm və parlamentin qanunvericilik fəaliyyətinin səmərəli olmasını arzulayıram. İndi, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 109
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 110
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi.
Hörmətli deputatlar, ötən sessiyanın yekunları barəsində mən sizə məlumat vermişdim. Qısaca olaraq deyə bilərəm ki, dövlət başçısı cənab İlham Əliyevin həyata keçirdiyi islahatları dəstəkləmək üçün parlament öz öhdəsinə düşən vəzifələri uğurla yerinə yetirmişdir. Ötən sessiyada Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə, Mülki Məcəlləyə, “Büdcə sistemi haqqında”, “Lisenziyalar və icazələr haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Elektron ticarət haqqında”, “Nağdsız hesablaşmalar haqqında” və digər qanunlara çoxsaylı dəyişikliklər edilmiş, “Kredit büroları haqqında” və başqa qanunlar qəbul olunmuşdur. Əminəm ki, möhtərəm Prezidentimizin rəhbərliyi ilə görülən işlər nəticəsində genişmiqyaslı  islahatlar ən yaxın zamanda öz müsbət nəticələrini verəcəkdir.
Hörmətli deputatlar, yaz sessiyasının qanunvericilik işləri planı hazırlanmışdır və bu gün bu plan müzakirə ediləcəkdir. Bu sessiyada biz digər qanun layihələri ilə yanaşı, Konstitusiyanın tələbinə uyğun olaraq, Nazirlər Kabinetinin hesabatını dinləyəcəyik. Bundan əlavə, 2016-cı ilin dövlət büdcəsinin icrası haqqında məsələ də parlamentin müzakirəsinə çıxarılacaqdır. Yaz sessiyasının iclaslarında Hesablama Palatasının illik fəaliyyəti haqqında hesabat, İnsan hüquqları üzrə müvəkkilin (ombudsmanın) və Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən müvafiq qurumun illik məruzələri dinləniləcəkdir. Hörmətli deputatlar, əminəm ki, biz bu sessiyanı da uğurla başa vuracağıq. Sessiyada sizin hamınıza uğurlar arzulayıram!
Gündəliyin 1-ci məsələsinə keçməzdən  əvvəl  müzakirələrə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Onda keçirik gündəliyin 1-ci məsələsinə. Azərbaycan Respublikasının Milli Məclisində, bildiyiniz kimi, hər il  komissiyaları yeniləşdiririk. Milli Məclisin İntizam komissiyasının yenidən təşkil edilməsi haqqında məsələ ilə bağlı siyahı sizdə var. Siyahıya təkliflər, dəyişikliklər yoxdursa, xahiş edirəm, gündəliyin 1-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.10 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Gündəliyin 2-ci məsələsi Azərbaycan Respublikası Milli Məclisi Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi haqqındadır. Bu da sizdə var. Tərkibə etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
3-cü məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı haqqındadır. Yazılanlar var? Təklif edilmiş plana etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Yaz sessiyasının başlanması münasibəti ilə hər birinizi təbrik edirəm, sizə can sağlığı arzulayıram. Ümidvaram ki, parlament 2017-ci ilin ölkəmiz üçün, dövlətimiz üçün nə qədər əhəmiyyətli il olduğunu nəzərə alacaq və hüquqi, siyasi sahədə mühüm qərarlar qəbul edərək bu prosesdə fəal iştirak edəcəkdir.
Cənab Sədr, birinci qaldırmaq istədiyim məsələ hazırda Azərbaycan və Belarus arasındakı məsələ ilə, daha doğrusu, jurnalist Aleksandr Lapşinlə bağlıdır. Bildiyiniz kimi, Azərbaycan haqlı olaraq həmin şəxsin Azərbaycana ekstradisiyası haqqında məsələ qaldırıb və çox təqdirəlayiq haldır ki, Belarus tərəfi də bu məsələ ilə bağlı hüquqi prosedurlara aydın bir şəkildə baxaraq  qərar çıxarıbdır. Gözlənilən budur ki, həmin şəxs Azərbaycana təqdim olunacaq və bundan sonra Azərbaycan onu məhkumetmə hüququnu özündə saxlayacaq. Çünki Azərbaycanın qanunları üzərindən sərhədimizi pozub keçmək, pasportla bağlı qanunu pozmaq məsuliyyət yaradır. Bu mənada Azərbaycan Qarabağa belə gedişlərin, özünün iradəsindən kənar sorğu  keçirilməsinin qadağan olunduğunu, bunun məsuliyyətə səbəb olacağını bəyan edir. Bu çox təqdirəlayiq haldır, erməni tərəfi bundan çox narahat olub. Bunlar bəyan edirlər ki, biz Qarabağı təcrid eləmək, buraya gələcək şəxsləri qorxutmaq üçün belə addımlar atırıq. Qoy belə də təqdim eləsinlər.
Ancaq mənim toxunmaq istədiyim məsələ bundan ibarətdir ki, biz bunu yalnız Xarici İşlər Nazirliyindəki qara siyahılar ilə tənzimləyirik. Ondan kənarda hüquqi mexanizmlərimiz, açığını deyim, xeyli məhduddur. Çünki, məsələn, Gürcüstan kimi işğal olunmuş ərazilər haqqında qanun qəbul etməmişik. Ancaq mən məsələni bir az da kənara aparmaq istəyirəm. Bununla bağlı mən xatırlamıram ki, biz indiyə qədər Qarabağa getmək istəyən xarici ölkə vətəndaşlarına həmin vizaları vermiş olaq. Sizlər deyəcəksiniz ki, o adamlar Azərbaycandan bəlli səbəblərə görə, yəni təmas xətti, əsgərlərin dayanması, hərbi duruma görə necə keçib gedəcəklər? Doğrudur, onlar, eyni zamanda, Ermənistandan keçmək istəyəcəklər. Bu halda, təbii ki, Ermənistan da onları buraxmayacaqdır. Ona görə, mən çox arzulayıram ki, yüzlərlə belə şəxsin, insanın Qarabağa gedişini Azərbaycan özü təşkil eləsin. Onlar Azərbaycandan bəlli səbəbə görə gedə bilmirlər, Ermənistan tərəfi də onlara bu icazəni vermədiyi üçün biz onların  üzərinə daha kəskin gediş imkanı əldə eləmiş olacağıq. Birinci bunu demək istədim.
İkincisi, cənab Sədr, bilirsiniz ki, Qafqaz Universitetinin fəaliyyətinin bəlli səbəbdən dayandırılması ilə əlaqədar oradakı tələbə və müəllim heyətinin uyğun universitetlərə köçürülməsi məsələsi qalxıb. Bu da başadüşüləndir. Dövlət özünü təkcə hər hansı sərhəddə hərbi təhlükələrdən hifz eləmir, eyni zamanda, təhsil sahəsinə və digər sektorlara yansıya bilən hər hansı problemlərdən də qorunmaq üçün addımlar atmaq hüququna malikdir. Zatən cəmiyyət də, dövlət də bütövlükdə bu hadisələri anlayışla qarşılayır. Ancaq mən istəyirəm deyəm ki, son illər ərzində Təhsil Nazirliyi bir neçə universitetin uyğun profilli ali təhsil müəssisələri ilə birləşdirilməsi ilə bağlı haqlı olaraq qərarlar verib. Belə bir sual ortalığa çıxır. Nə üçün Azərbaycanda ali təhsil haqqında qanun olmasın? Tutaq ki, mən vətəndaş olaraq yüksək bal ilə hansısa təhsil müəssisəsinə qəbul olunuram. Mənim hüququm var ki, təhsilimi sona qədər orada davam etdirim. Belə olan təqdirdə vətəndaşın tamamilə hüququ var ki, bu məsələni müvafiq qurum ilə məhkəmə qaydasında həll eləsin. Kim isə deyə bilər ki, alternativ müəssisələr  daha geniş təhsil vermək imkanlarına malikdirlər. Başadüşüləndir, belə mövqelər ola bilər. Ancaq bu məsələni hüquqi cəhətdən normal bir müstəvidə çözməyin yolu ali təhsil haqqında qanun qəbul eləməkdir. Mən hesab edirəm ki, bizim müvafiq komitə  bu məsələni sessiyanın gündəliyinə  təklif etsə, çox yaxşı olar.
Toxunmaq istədiyim üçüncü məsələ xaricdə lobbiçilik fəaliyyəti ilə bağlıdır. Cənab Sədr, bir sıra beynəlxalq dairələr bəlli illərdə müxtəlif səbəblərdən, bəzən neft umanda, qaz istəkləri olanda Azərbaycanın əleyhinə kampaniyalar aparırlar. Beynəlxalq məkanlarda, geopolitik savaş dövrlərində biz bunların şahidi oluruq. Görürük ki, mütəşəkkil lobbiçi qurumlar, ayrı-ayrı dairələr media orqanlarının arxasında dayanaraq Azərbaycanı hədəf seçirlər. Deməli, bu da o məsələni ortaya çıxarır ki, biz də öz lobbi maraqlarımızı xaricdə uğurla qorumalıyıq. Bəzən bizə deyirlər ki, Azərbaycan dövləti hər hansı bir məkanda 10 dollar vəsait xərcləyib və bunu kriminal bir hadisəyə çevirirlər. Mən bizdə bunun heç zaman rəsmi geniş izahını görməmişəm. Amerika Birləşmiş Ştatlarının təkcə 2016-cı ildə ayırdığı vəsait 32 milyarddan artıqdır. Bu vəsaiti Amerika seçicisi, vətəndaşı uzun illər vergi olaraq ödəyir, amma həmin vəsait beynəlxalq sistemdə xərclənir.
Mən hesab edirəm ki, Azərbaycan özünün beynəlxalq maraqlarını qorumaq üçün dövlət büdcəsində ayrıca bir sətirlə vəsait ayırmalıdır. Bizim ixtiyarımız var ki, müxtəlif beynəlxalq QHT-lərlə, ayrı-ayrı qurumlar ilə qanunun yol verdiyi çərçivədə bu fəaliyyəti çox normal şəkildə aparaq. Biz deyirik ki, “Qrant haqqında” Qanun bizim ölkəmizdəki həmin qurumlara ictimai-siyasi, demokratikləşmə, hüquqi təkmilləşmə və sair üçün  imkan verir. Amerika keçən il Azərbaycanda YUNİSEF-in xətti ilə 12 milyon dollar vəsait xərcləyib. Qrant ilə bağlı Azərbaycan haqlı olaraq qanunvericiliyini sərtləşdirən kimi, o vəsaitin böyük bir hissəsi dərhal Gürcüstan üzərindən yönləndirildi. Amma Azərbaycan təkrarən bu məsələdə bir daha tənzimləmə apardı. Ona görə də mən hesab edirəm ki, biz beynəlxalq maraqlarımızı müstəqil bir dövlət kimi qorumaq üçün bu sahədə müvafiq qanun qəbul eləməliyik.
Nəhayət, sonuncu məsələ. Cənab Sədr, özəlləşdirmə proqramı artıq neft bumunun söndüyü dövrdə daha ciddi bir şəkildə dövlətin kursuna çevrilməkdədir. Əlbəttə, biz onun şahidiyik ki, manatın məzənnəsində bu ucuzlaşma davam edir və iqtisadi aktivlik prosesinə də təsir göstərir. Əhalinin gəlirlərinin azalmasında müəyyən rol oynayır. İdxal-ixrac prosesində mənfi izlərini qoyur. İnvestisiya mühitinə müəyyən qədər zərbə vurur. Dövlət başçısı 2 gün öncə keçirilən müşavirədə bu yöndə çox mühüm  çağırışlar etdi. Əminəm ki, bu proses daha sağlam bir istiqamətdə gedəcək və nəhayət, 2017-ci ilin ortalarına doğru bu sabitləşməyə nail olmaq mümkün olacaqdır. Bu müsbət ənənələr təkrarən bərqərar olacaqdır. Amma özəlləşdirmə ilə bağlı mühüm bir təklif vermək istəyirəm.
Cənab Sədr, bilirsiniz ki, Azərbaycanın sovet illərində yaradılmış mülkiyyətinin 32 milyonda bir hesabı ilə çeklər tədavülə buraxılanda vətəndaşlar bunların vasitəsi ilə həmin müəssisələrin özəlləşdirilməsində bir pay sahibi kimi iştirak edəcəklərinə bel bağlayırdılar. Bu proses müəyyən bir dövr getdi. Sonra dövlət onların tədavüldə olması müddətini bir neçə il də uzatdı. Nəhayət, 2012-ci ildə uzadılma ilə bağlı qərar verildi. Mən ötən dəfə burada hökumətlə birgə müzakirələrdə dedim ki, 325 müəssisə özəlləşdirilməyə çıxarılıb. Son 2 gündə bildiyim qədər, 50-dən artıq yeni müəssisə özəlləşdirilməyə çıxarılıb. Mən düşünürəm ki, o çekləri evlərində əziz əşya kimi, sovet dövründəki zəhmətinin bir aləti kimi, simvolu kimi saxlayan adamlara hansısa bir ekvivalentdə yer verməliyik ki, onlar o prosesdə bir daha iştirak eləsinlər. Onların hansısa bir dəyəri olsun. Mən iddia eləmirəm ki, bir müəssisəni bir çek ilə ala bilsinlər. Bəllidir ki, xüsusi iqtisadi proseslə bir bazar dəyəri formalaşmalıdır. Ancaq düşünürəm ki, biz çeklər ilə bağlı məsələni qanunvericilik qaydasında bir daha bu özəlləşdirmə prosesinə qatmalıyıq. Diqqətinizə görə təşəkkür edirəm. Müzakirəyə çox vacib qanun layihələri çıxarılıbdır. Mən lehinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hörmətli mətbuat nümayəndələri! 2016-cı ilin axırında cənab Prezident tərəfindən Azərbaycanın iqtisadi inkişaf modeli dəyişdirilərək yeni strateji yol xəritəsi təsdiq edildi. Bu, çox ciddi bir sənəddir və bu sənədin, ümumiyyətlə, 2020–2025-ci illərdə həyata keçirilməsi üçün çox ciddi addımlar atılmalı, yəni Azərbaycanda ciddi islahatlar həyata keçirilməlidir. Bu sənədin qəbul edilməsi, mən belə hesab edirəm ki, Azərbaycan dövlətinin ən ümdə məsələlərindən biri idi və mən bunu müsbət addım kimi qiymətləndirirəm. Haradasa 3 gün bundan qabaq cənab Prezident “Regionların iqtisadi inkişaf proqramı” çərçivəsində 3-cü dövlət proqramının, 2014–2018-ci illər proqramının müzakirəsində də bir sıra ciddi məsələlərə toxundu. Azərbaycan hökumətinə, onun üzvlərinə, o cümlədən rayon icra hakimiyyəti başçılarına və digərlərinə ciddi mesajlar verdi. Dövlət başçısı faktiki olaraq  öz yekun nitqində Azərbaycan iqtisadiyyatında baş verən hadisələrdən xəbərdar olduğunu bir daha əhaliyə çatdırdı və öz göstərişlərini verdi.
Milli Məclisin komitə iclasında yaz sessiyasının gündəliyini təsdiq edəndə bir sıra məsələlərə toxunduq və bu strateji yol xəritəsini həyata keçirmək üçün bir sıra qanunların qəbul edilməsinin vacibliyindən danışdıq. Bu qanun layihələrindən biri Hesablama Palatası haqqında qanun layihəsidir. O artıq Milli Məclisin yaz sessiyasının gündəliyinə salınıb. Ona görə mən minnətdarlığımı bildirirəm. Amma bundan başqa daha iki qanun layihəsi var. Biz bir neçə ildir ki, bu məsələləri qaldırırıq. Çox təəssüflər olsun ki, qanunlar gündəliyə salınmır. Bu qanunlardan birincisi Azərbaycanda Dövlət maliyyə nəzarəti haqqında qanun layihəsidir. Əgər biz, doğrudan da, büdcənin müəyyən qədər qorunmasını müdafiə etmək istəyiriksə, korrupsiyanın, rüşvətxorluğun qarşısını almaq istəyiriksə, Azərbaycanda belə bir qanunun qəbul edilməsi çox vacibdir. Maliyyə Bazarlarına Nəzarət Palatasının rəhbərliyi də bu barədə bizə komitədə məruzə edəndə deyirdi ki, bu qanun üzərində işləyirlər. Ondan qabaq da Azərbaycan Respublikasının maliyyə naziri bir neçə dəfə bizə məlumat vermişdi ki, bu qanun üzərində işləyirlər, beynəlxalq maliyyə təşkilatları ilə razılaşdırırlar, amma təəssüflər olsun ki, artıq bir neçə ildir, bu qanun qəbul edilə bilmir. Mən cənab Prezidentin son vaxtlar atdığı addımları yüksək qiymətləndirirəm və belə bir qanunun qəbul edilməsini çox vacib sayıram. Milli Məclisin rəhbərliyinə Prezident Administrasiyası ilə birlikdə bu qanunun Milli Məclisə daxil edilməsini tövsiyə edirəm və xahiş edirəm ki, bu qanun gündəliyə salınsın.
İkinci bir qanun  Rəqabət Məcəlləsidir. 2006-cı ildə biz Rəqabət Məcəlləsini Milli Məclisin komitə iclasında, iki dəfə də plenar iclasında müzakirə etmişik.  Rəqabət Məcəlləsini iki oxunuşda qəbul etmişik, amma sonradan bu Rəqabət Məcəlləsi hara getdi, necə oldu, xəbərim yoxdur. Bu qanun bu günə kimi Milli Məclisdə qəbul edilmir. Artıq 11-ci ildir, bu qanun Milli Məclisdə heç cür qəbul olunmur. Əgər bu qanun, doğrudan da, lazım deyilsə, millətə açıq demək lazımdır ki, Azərbaycanda heç bir rəqabət olmayacaq, biz necə istəyiriksə, elə də işləyəcəyik. Nəyə görə Azərbaycanda Rəqabət Məcəlləsini qəbul etmək istəmirik, məqsəd nədir? Biz əgər Azərbaycanda rəqabət yönümlü məhsulların, ixrac yönümlü məhsulların davamlı istehsalını təşkil etmək istəyiriksə, Azərbaycanda monopoliyanı aradan qaldırmaq lazımdır, inhisarçılığı aradan qaldırmaq lazımdır. Bunun üçün də Rəqabət Məcəlləsi qəbul olunmalıdır. Bütün dünyada qəbul olunur. Azərbaycanda niyə qəbul olunmur, hansı uzun əllər bu qanunu qəbul etməyə imkan yaratmır? Mən artıq dərəcədə xahiş edirəm, Rəqabət Məcəlləsi gündəliyə salınsın və üçüncü oxunuşa çıxarılsın. Əgər müəyyən təkliflər varsa, hökumət və ya müəyyən nazirliklər tərəfindən baxıla bilər. Bu qanun layihəsinin  qəbul olunması üçün heç bir problem yoxdur.
Ümumiyyətlə, elə hesab edirəm ki, cənab Prezidentin son vaxtlar atdığı addımlar əhali tərəfindən də çox yüksək qiymətləndirilir. Mən də bir millət vəkili və iqtisadçı olaraq atılan addımları, xüsusilə strateji yol xəritəsini yüksək qiymətləndirirəm. Amma bu, çox ağır bir sənəddir. O sənədi həyata keçirmək o qədər də asan məsələ deyil, çünki uzun bir müddəti əhatə edir. Əgər biz bu sənədi lazımi səviyyədə, müəyyən qanunları da qəbul etməklə həyata keçirə bilsək, mən hesab edirəm ki, 2017-ci ildə və sonrakı illərdə Azərbaycanda heç bir problem olmayacaq. Çünki bu, 12 prioritet sahəni əhatə edən bir sənəddir. Bu sahələri inkişaf etdirə bilsək, Azərbaycanda qeyri-neft sektorunun inkişafını çox yüksək səviyyəyə çatdıra bilərik. Mənim dediklərim bundan ibarət idi, diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Vahid müəllim. Siz indi burada da dediniz, qəzetlərə də müsahibə verirsiniz ki, 3 məsələ qaldıracaqsınız. Birinci, Hesablama Palatasının qanun layihəsi hazırdır, razılaşdırmalar gedir, bu yaxınlarda gələcək, gündəlikdə də var. 15 ildir, Siz də burada millət vəkilisiniz, yəni bilməlisiniz, qanun layihələri hazır olmalıdır ki,  plana salınsın. Deyirsən ki, bunu plana  salaq.  Tutaq ki, Rəqabət Məcəlləsi, bəli, iki dəfə Milli Məclisdə müzakirə olunub. Sonra, qanunun təşəbbüskarı var, o, dəyişiklik eləmək üçün qanunu geri çağırıb. Bunun səbəbi nədir, bunu bilməlisiniz. 2008-ci ildə başlayan iqtisadi böhrandan sonra  bu Rəqabət Məcəlləsi tamamilə dəyişməlidir, hazır olanda təşəbbüskar onu Milli Məclisə təqdim edəcək, onda da gündəliyə salınacaq. Bu ikinci məsələ.
Üçüncü, maliyyə nəzarəti haqqında. Yaxşı, əgər qanun işləmisinizsə, verin, biz də baxaq. Maliyyə nəzarəti haqqında qanunu  bu saat işləyirlər. Qanun hazır olmalıdır ki, Milli Məclisə versinlər. Cənab Prezident tərəfindən, bəli, bir təşkilat yaradıldı, işləyir, Prezidentin sərəncamı da qanun qüvvəsindədir, qanun yaranana kimi o qüvvədədir, işləyir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, yerindən danışma, sən danışdın, mən diqqətlə qulaq asdım. Nəzarət Palatası  heç bir il yoxdur ki, yaradılıb. Nəzarət Palatası məgər 10 ildir işləyir? Mən qulaq asdım, sənin də hövsələn olsun, qulaq as. Xahiş edirəm, gündəliyə uyğun iş planı barəsində çıxış eləyin. Buyurun, Elmira Axundova.
E.Axundova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sizi yaz sessiyasının açılışı münasibəti ilə təbrik edirəm. Eyni zamanda, bəzi deputat həmkarlarımızı yanvar ayı boyunca beynəlxalq təşkilatlarda işgüzar və məhsuldar fəaliyyətləri, həmin təşkilatlarda rəhbər vəzifələrə seçilmələri münasibəti ilə təbrik edir, onlara daha böyük uğurlar diləyirəm. Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planını diqqətlə təhlil etdim və onu yüksək dəyərləndirirəm. Çünki orada çoxdan arzuladığım bəzi qanun layihələrini gördüm, şadam ki, onlar bizim yaz sessiyamızın işlər planına daxil ediliblər. Məsələn, Turizm haqqında, Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında, Reproduktiv sağlamlıq haqqında, o cümlədən Psixoloji yardım haqqında və Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihələrini əlamətdar qanunvericilik aktları hesab edirəm. Düşünürəm ki, onlarda əks olunan məsələlər çox aktualdır. Həmin qanun layihələrinin qəbulu ilə bir sıra problemlər tənzimlənəcək. Ona görə bütün bu qanunların yaz sessiyasında qəbul olunmasını dəstəkləyirəm. Bizə bu gün belə qanunlar çox gərəkdir. Düşünürəm ki, onlarda əks olunan  məsələlər çox aktualdır. Ona görə bütün bu qanunların yaz sessiyasında qəbul olunmasını dəstəkləyirəm.
Ümumiyyətlə, bilikli psixoloq institutu Azərbaycanda zəifdir, halbuki bu insanlar müasir dövrdə ön plana çəkilməlidirlər, çünki informasiya bolluğunun olduğu, aqressiya və zorakılıq təzahürlərinin artdığı çətin və qəliz zəmanədə yaşayırıq.  Bütün terrorist təşkilatlar, əsasən, gənc insanları təsir altına alırlar. Üstəlik mənəvi dəyərlərə yiyələnməyən, bisavad, xarici  və pozucu internet saytlarının təsiri altında olan, özünü həyatda tapmayan insanlar psixoloji gərginlik keçirirlər. Bu acizlik bir çox hallarda həm qadınları, həm də kişiləri ağır cinayətlər törətməyə sövq edir. Uşaqlar yetim qalır, ailələr məhv olur. Keçən iclasların birində bu məsələyə toxunaraq həyat yoldaşlarını qəddarlıqla qətlə yetirənlərə ölüm hökmü tələb etmişdim. Əlbəttə, o, emosional çıxış idi, bilirəm ki, Avropa Şurasının üzvü olan Azərbaycan geriyə addım ata bilməz. Amma bir sıra həmkarımın belə qətllərə görə ömürlük azadlıqdan məhrumetmə hökmü istəməsini dəstəkləyirəm, ikinci tərəfdən başa düşürəm ki, bu təkliflər də böyük nəticələrə səbəb olmayacaq. Çünki bizə böyük profilaktik işlər, müvafiq qanunlar lazımdır. Psixoloq, sosioloq hər bir kəslə ciddi işləməlidir. Yerlərdə ağsaqqallar, ağbirçəklər şurasının statusu qalxmalıdır. Hamı başa düşməlidir ki, ailə şəxsi iş deyil, ailə cəmiyyətin özəyidir. İstənilən Azərbaycan ailəsində baş verən faciə bizim ümumi faciəmizdir. Çünki nəticədə bizim balalarımız yetim qalırlar. Ona görə də təklif edərdim ki, ağır məişət cinayətlərinə, xüsusilə uşaqlara qarşı törədilən əməllərə görə cəzalar sərtləşdirilsin. Daha hansı qanunları qəbul edə bilərik, bu məsələlər də ciddi müzakirə olunmalıdır.
Başqa bir məsələyə də toxunmaq istərdim. Mən, əvvəla, Milli Məclisdə yaradılan iş şəraitinə görə cənab Sədrə yenə də təşəkkür edirəm. Bir neçə il əvvəl deputat köməkçisi institutu yaradıldı, buna görə də hörmətli Oqtay Əsədova minnətdarıq. Keçən illər ərzində bu institut inkişaf etdi. Mən deyərdim ki, köməkçilər arasında böyük qanunvericilik təcrübəsi toplamış mütəxəssislər yetişdi. İkinci minnətdarlıq köməkçilərin maaşları ilə bağlıdır. Bir neçə il əvvəl Bahar xanım maaşlarla bağlı çıxış etdi, bizlər bu təklifi dəstəklədik və cənab Sədrin də dəstəyi ilə maaşlarda artım oldu. Bugünkü xahişim isə ondan ibarətdir ki, 125 köməkçiyə dövlət qulluqçusu statusu verilsin, onlar, hətta 5 il işləyəndə də onlara 5 illik dövlət qulluqçusu stajı yazılsın. İş orasındadır ki, bu köməkçilərin əksəriyyəti cavandır, gənc ailə sahibidir, çoxunun mənzili yoxdur. Onlar istəyirlər ki, sosial evlərə, ya da ipotekaya sahib olsunlar. Mən bu yaxınlarda bu məsələ ilə maraqlandım və öyrəndim ki, heç bir deputat köməkçisi sosial ipoteka və ya sosial mənzil ala bilməyəcək. Çünki onlar dövlət qulluqçusu deyillər. Sosial ipoteka və ya sosial mənzil almaq üçün ən azı 3 il dövlət qulluqçusu işləmək lazımdır. Mən xahiş edirəm ki, Milli Məclis rəhbərliyi 125 nəfərin taleyi ilə yaxından məşğul olaraq müvafiq qurumlar qarşısında yenə də məsələ qaldırsın. Bununla da biz savab iş görmüş olarıq, çünki deputat köməkçiləri mühüm bir imtiyaz əldə etmiş olarlar. 
Mən ürəkaçan bir hadisəni də nəzərə çatdırmaq istəyirəm. Belə ki, cənab Prezident bu ili İslam həmrəyliyi ili elan edib. İslam aləminin tənqid olunduğu, islam radikalizminin baş alıb getdiyi, islam ölkələrində müharibələrin tüğyan etdiyi və bəzi dünya ölkələrində, hətta “islam” sözünə mənfi reaksiya verildiyi bir dövrdə bizim Prezidentimizin belə əzmli davranışı çox cəsarətli addımdır. Bunu Azərbaycan kimi dünyəvi, demokratik, Avropa dəyərlərinə sadiq olan ölkə edib. Mən Prezidentimizin bu uzaqgörən addımı ilə fəxr edirəm və inanıram ki, Birinci Avropa Oyunları kimi İslam həmrəyliyi oyunları da yüksək səviyyədə keçiriləcək. Biz deputatlar da əlimizdən gələni etməliyik ki, gələn qonaqlara zəngin mədəniyyətimizi, tariximizi, musiqimizi tanıdaq, sevdirək. Sonda bir daha sizə uğurlar diləyir, sessiyamızın məhsuldar keçməsini arzulayıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən elə Elmira xanımın bitirdiyi yerdən davam etmək istəyirəm. Dini komitənin sədri olaraq cənab Prezidentə təşəkkürümü bildirmək istəyirəm ki, bu gün islama qarşı gedən mübarizədə Azərbaycan öz mövqeyini ortaya qoydu. Yəni əslinə baxsaq, bu, 2016-cı ilin davamıdır. Multikulturalizm  dəyərlərinin davamıdır və hesab edirəm ki, bu, vacib olan şərtdir. İkinci bir tərəfdən bir həftə ərzində cənab Prezidentin atdığı 3 xüsusi addım çox vacib idi. Birinci, Azərbaycan qaçqınlarının öz yerlərinə, yuvalarına qayıtması üçün Cocuq Mərcanlı kəndinə ayırdığı vəsait. İkinci, Azərbaycan hərbçiləri ilə keçirilən görüş və bir daha Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaradılmaması barədə verdiyi bəyanat və üçüncü, iqtisadi müşavirədə bütün sahələrin inkişafı və gələcək perspektivlərlə bağlı qoyduğu fikirlər cənab Prezidentin Azərbaycan xalqının maraqlarının  müdafiəçisi olduğunun, Azərbaycan xalqının yaxşı yaşaması və inkişafı üçün atdığı addımların bariz nümunəsidir.
Bundan başqa, Oqtay müəllim, 2017-ci ilin qanunvericiliyi ilə əlaqədar iki təklifim olacaq. Biri siyasi partiyalarla əlaqədar dəyişikliklərdir. Bilirsiniz, qərar qəbul etmişik ki, siyasi partiyalar Mərkəzi Seçki Komissiyasına hesabat versinlər. Təəssüflər olsun ki, bir sıra siyasi partiyalar bu hesabatları verməyib. Ona görə də qanunvericilikdə belə bir norma tətbiq etməliyik ki, kimin kifayət qədər cangüdəni, nəqliyyat vasitəsi, işçisi varsa, – təbii ki, bunlar hava ilə dolanmırlar, – öz gəlirləri barədə hesabat vermirsə, bununla əlaqədar bir qərar qəbul eləyək.
İkinci məsələ. Mobil rabitə ilə bağlı, Oqtay müəllim, çox ciddi problemlər yaranıb. Hər axşam telefonlara xarici ölkələrdən zənglər gəlir. Bu “ərəb baharında” da belə idi, müxtəlif adamların telefonlarına xarici nömrələrdən zənglər gəlir, sonra kəsilirdi. Bu, yoxlanışdır, ona görə də Ziyafət müəllimdən xahiş eləyək, maraqlansın ki, informasiya təhlükəsizliyi ilə bağlı qanunvericilikdə bunun qarşısını almaq üçün hansı addımları atmaq olar?
Oqtay müəllim, Siz bilirsiniz ki, mən qayda-qanuna riayət eləyən adamam. Amma gündəlikdənkənar bir neçə məsələyə də toxunmaq istəyirəm. Əslində, elə gündəliklə, bilavasitə Milli Məclisin həyatı ilə bağlı olan məsələdir. Hər halda hər bir millət vəkilinə aid olan məsələdir. Mətbuatda oxuyuruq, bəzi həmkarlarımız yazırlar ki, Milli Məclis işləmir. Milli Məclis işləmirsə, niyə buradan əmək haqqı, mükafat alırlar? Milli Məclisin funksiyası nədən ibarətdir? Qanun qəbul eləməkdən. Keçən dəfə hesabatda Siz də dediniz ki, payız sessiyasında biz yüzlərlə qanun qəbul eləmişik. Bu qanunların hamısı Azərbaycan iqtisadiyyatının inkişafı, maliyyə sisteminin tənzimlənməsi ilə bağlıdır. İndi biz neyləyək? Lenin kimi çiynimizə şalban götürüb daşıyaq və göstərək ki, biz işləyirik? Ya divar hörməliyik? Hansı addımları atmalıyıq? Müsahibə verən fikirləşməlidir ki, oturmuşam burada və belə bir bəyanat verirəm. Yaxud da bir başqası deyir ki, komanda dəyişilməlidir. Sən kimsən, komandanı dəyişəsən? Komandanın sahibi var, komanda cənab Prezidentin komandasıdır, biz bu gün görürük ki, onun sayəsində nə qədər layihələr həyata keçirilir. Azərbaycanın regionları inkişaf eləyir, Azərbaycan yenidən qurulur, yenidən tikilir. Onların birinin funksiyasını yerinə yetirə bilərsən? Yetirə bilmirsənsə, 2 gün mətbuat səhifəsində, yaxud internetdə qalmaqdan ötrü belə bir fikri ortaya atmaq hansı məntiqə sığır? Yaddan çıxartmayın, biz parlament respublikası deyilik, hərdən Türkiyəyə baxıb coşursunuz. Biz prezidentli respublikayıq. Bizim borcumuz qanunları qəbul eləmək, onlara nəzarət etməkdir. Bizim borcumuz gedib icra funksiyasını yerinə yetirmək deyil. İcra funksiyasını yerinə yetirəni cənab Prezident təyin edir. Əgər həmin şəxs öz vəzifəsinin öhdəsindən gəlmirsə, dərhal tutduğu vəzifədən azad edilir. Biz bunun dəfələrlə şahidi olmuşuq, hətta korrupsiya ilə, rüşvətlə məşğul olanların bəziləri haqqında həbs qətimkan tədbirləri də seçilib.
Azərbaycanda korrupsiyaya qarşı ciddi mübarizə aparılır. Korrupsiya komissiyası var, Milli Məclisdə təmsil olunur, sonra Prokurorluq yanında Korrupsiya idarəsi var, bu işlərlə məşğul olur, başqa-başqa hallarda istənilən vətəndaş qaynar xəttə zəng edə bilər. Hansısa bir məmurun kimdənsə xoşu gəlmirsə, belə deyək də, xahişini yerinə yetirmirsə, bu o demək deyil ki, məsələləri bu cür qaldırmalıyıq. Yenə deyirəm, hər kəsin üzərinə funksiya qoyulub. Bizim funksiyamız qanun qəbul etməkdir.
Deyirlər ki, Azərbaycan Parlamentinin üzvləri işləmirlər. Ancaq onlar beynəlxalq təşkilatlarda gecə-gündüz mübarizə aparırlar. İstər ATƏT-də, istər Avropa Şurasında, NATO-da, Qara Dəniz Ticarət və İnkişaf Təşkilatında və digər təşkilatlarda, MDB-də başqa-başqa insanlara qarşı, ermənilərə qarşı, erməni təxribatına qarşı mübarizə aparırlar, bundan başqa nə işlə məşğul olmalıdırlar? Bu baxımdan, hesab edirəm ki, Oqtay müəllim, hər bir insan çıxış eləyəndə, heç olmasa, öz oturduğu yerə hörmət eləməlidir.
Elmira xanım burada çox gözəl çıxış elədi, dəstəkləyirəm, biz bir az yaşlı deputatlarıq, yaş mənasında yox,  müddətimiz bir az çoxdur. Vaxt var idi ki, burada 4 adamı bir otaqda otuzdururdular. 8 nəfərə bir hökumət telefonu verirdilər. İndi həm köməkçi var, həm ayrıca otaq təşkil olunub, həm də kompüter və telefon verilib. Otur, işlə də, qanun hazırla, alternativ qanun kimi cəmiyyətə təqdim elə. Hazırladığın qanunu qəzetdə dərc elə ki, mən alternativ qanun hazırlamışam, vermişəm, baxın, seçin, o qanun yaxşıdır, yoxsa bu qanun yaxşıdır. Ümumi sözlərlə danışmaq lazım deyil, belə oldu, elə oldu, nə olmalıdır, biz qabaqcadan düşünmüşdük, biz iki il bundan qabaqca demişdik. Nəyi demişdiniz? Biz hamımız burada şahidik, görmüşük də. Qəbul etdiyimiz qanunların hamısı cənab Prezident tərəfindən də, Milli Məclisin komitələri tərəfindən də çox yüksək şəkildə hazırlanmış qanunlardır və qəbul da olunur. Mən hesab edirəm ki, bundan sonra belə şeylərə yol verməyə ehtiyac yoxdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, media nümayəndələri! Doğrudan da, yaz sessiyasının iş planında çox əhəmiyyətli qanun layihələri var. Mən onu dəstəkləyirəm, hesab edirəm ki, ölkəmiz, cəmiyyətimiz üçün çox xeyirli qanunlardır. Diqqəti bir məsələyə yönəltmək istəyirəm, Oqtay müəllim. Biz bilirik ki, Azərbaycan müxtəlif zamanlarda Amerika Birləşmiş Ştatlarının müxtəlif rəsmi qurumları tərəfindən, insan hüquqlarını müdafiə edən ayrı-ayrı təşkilatlar tərəfindən bəzən əsaslı, bəzən isə əsassız tənqidlərə məruz qalıb. Bu günlərdə Amerika Birləşmiş Ştatlarının prezidenti 7 müsəlman ölkəsindən insanların Amerika Birləşmiş Ştatlarına daxil olmasına qadağa qoyub. Bütün tərəqqipərvər insanlar, sivil dünya bu qərara qarşıdır, Azərbaycan Respublikasının Prezidenti tərəfindən də bu il Azərbaycanda insan həmrəyliyi ili elan olunub. Mən düşünürəm ki, həm islam dünyasının, həm də sivil dünyanın bir hissəsi kimi Azərbaycanda da siyası partiyalar, ictimai təşkilatlar öz etiraz səslərini qaldırmalıdırlar. 700-dən artıq insan qanuni formada viza alıb Amerika Birləşmiş Ştatlarına daxil olmaq istəyərkən hava limanlarında saxlanılıb, müxtəlif məhrumiyyətlərlə üz-üzədirlər. Trampın özü də çox gözəl başa düşür ki, bu formada terrorun qarşısını almaq olmaz, əslində, bununla ekstremist qüvvələrə imkan yaradılır ki, dini ekstremizmin təbliği istiqamətində daha fəal iş apara bilsinlər. Amma Tramp bununla dünyada islamafobiyanın gücləndirilməsinə yol açır və mən düşünürəm ki, məhz onun qəbul etdiyi qərardan sonra Kanadada artıq 27 yaşında bir tələbə məscidə daxil olaraq 6 nəfəri qətlə yetirdi. Hazırda 2 nəfərin vəziyyəti çox ağırdır, 4 nəfər xəstəxanadadır, yəni kütləvi bir qətliam törədilib. O baxımdan da mən hesab edirəm ki, Amerika Birləşmiş Ştatları başqalarına demokratiya dərsi verdiyi halda belə bir qərarın qəbul olunması, sadəcə, utancdır və bütün tərəqqipərvər insanlar kimi Azərbaycan ictimaiyyəti də bu məsələyə öz etiraz səsini qaldırmalıdır.
İkinci məsələ, Oqtay müəllim, düşünürəm ki, biz ölkədə islahatların gedişi ilə bağlı məsələləri müzakirə etmək üçün parlamentin xüsusi bir iclasını çağıra bilərik. Burada Siyavuş müəllim də söylədi ki, parlamentin işi həm də qəbul olunmuş qərarların icrası ilə bağlıdır. Bilirik ki, ölkədə mülkiyyət toxunulmazlığı ilə bağlı kifayət qədər qanun qəbul olunub, amma bəzən mətbuatda oxuyuruq ki, hansısa sahibkarın oteli əvəzi ödənilmədən söküldü, hansısa şəhərdə abadlıq işlərinin aparılması məqsədi ilə hansısa sahibkarın mağazası yerlə bir edildi.
O gün, ayın 30-da cənab Prezident müşavirə keçirirdi, orada Şahin Mustafayev çıxış edərək iqtisadiyyata investisiyaların cəlb edilməsi üçün təşviq mexanizmlərinin əhəmiyyətindən danışdı və bunu xüsusi vurğuladı. Yaxşı, əgər indi bu deyilənlər həqiqətə uyğun deyilsə, müvafiq icra hakimiyyəti orqanlarında mətbuat xidmətləri var, maaş alırlar, niyə mətbuata çıxıb demirlər ki, bu yazılanlar yanlışdır? Tutaq ki, bu obyektlər qanuni əsaslarla sökülür. Yəni ictimaiyyətə də bir aydınlıq gəlsin. Yox, əgər həqiqətdirsə, onda biz investisiya qoyuluşunu necə təşviq edə bilərik?  Azərbaycan mətbuatını xarici investorlar oxuyub görürlərsə ki, hər hansı bir sahibkarın əmlakı heç bir məhkəmə qərarı olmadan, əvəzi ödənilmədən, hətta içindəki mebellər, digər maddi nemətlər çıxarılmadan  buldozerin qabağına verilir, o halda Azərbaycana kim investisiya qoyacaq? Yəni deyilən sözə inansınlar, yoxsa gözləri ilə gördüklərinə? O baxımdan  görün, son illər, elə 2016-cı ildə də nə qədər azərbaycanlı iş adamı  Gürcüstana, Ukraynaya, Qazaxıstana, Rusiyanın özünə, başqa ölkələrə milyonlarla vəsait yatırdıb. Amma həmin ölkələrdən nə qədər gürcü, qazax, yaxud ukraynalı Azərbaycana gəlib investisiya yatırıb? Yəni biz biznes mühitini daha da yaxşılaşdırmalıyıq ki, Azərbaycana investisiya gəlsin. Amma burada səfirliklər, ayrı-ayrı təşkilatlar var ki, Azərbaycan mətbuatını izləyirlər. Bizdə informasiya orqanları  var ki, bir neçə dildə  informasiya yayırlar. Onlar da görürlər ki, Azərbaycanda belə hallar baş verir. Əlbəttə, bu da investisiya mühitinə çox mənfi təsir göstərir. Buna görə də bu məsələlərlə bağlı əgər mətbuatda yazılırsa, müvafiq dövlət orqanlarının mətbuat xidmətləri mütləq açıqlama verib bu məsələlərə aydınlıq gətirməlidirlər. Bu işi qanunsuz görən adamlar isə mütləq cəzalandırılmalıdırlar. Biz indi çox misal gətirə bilərik ki, orta əsrlərdə öz mülkiyyətini qorumaq üçün insanlar məhkəmələrdə kralları belə udublar. Amma biz indi XXI əsrdə yaşayırıq, Azərbaycan sivil bir ölkədir. Burada kiminsə əmlakını gəlib əvəzsiz olaraq dağıtmaq özbaşınalıqdır.
Oqtay müəllim, başqa bir məsələ də bizim bu özəlləşdirmə ilə bağlı məsələdir. Burada hörmətli həmkarım da bu məsələni qaldırdı, mən də dəfələrlə qeyd etmişəm ki, nəhayət, özəlləşdirməyə getmək lazımdır. Amma biz bəzən mətbuatda oxuyuruq ki, özəlləşdirməyə 70 obyekt çıxarıldı, bunun 30–35-i satıldı. Elə müəssisələr var ki, sahibkarın imkanı çatmır, həm pul verib alsın, həm də oraya investisiya qoysun. Banklar da bilirsiniz ki, çox yuxarı faizlərlə kredit verirlər, bəziləri isə heç, ümumiyyətlə, kredit vermirlər. Bu, beynəlxalq təcrübədə də var. Bəzi hallarda o cür obyektlər simvolik rəqəmlərə satılır. Biz Əmlak Məsələləri   Dövlət Komitəsinə səlahiyyət verməliyik ki, yeri gələndə o əmlakları  simvolik bir məbləğə satsınlar. Amma onu alan şəxsin üzərinə öhdəlik qoysunlar ki, sən filan qədər investisiya yatırdacaqsan, burada filan qədər adam çalışacaq və sən hansı müddətdə bu müəssisənin təyinatını dəyişə bilməzsən. Yəni düşünürəm ki, biz müvafiq dövlət orqanlarına belə bir geniş imkan tanısaq, bu, ümumi işin xeyrinə olmuş olar. Mən, ümumiyyətlə, iş planına səs  verəcəyəm. Bir daha vurğulayıram ki, yaz sessiyasına kifayət qədər ciddi qanun layihələri daxil edilib. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, görürsünüz,  bütün çıxışlara diqqətlə qulaq asırıq. Mən bir daha xahiş edirəm, qanunvericilik işləri planı ətrafında danışaq. Qüdrət müəllim əmlakları sökülən adamlarla bağlı dedi. Mən bir dənə sual verəcəyəm, əmlakları sökülən adamların birinin çıxışı olub, ya məhkəmə orqanına müraciət edib? Deyilənlər jurnalistin yazdığı məsələlərdir. Heç kim heç yerə şikayət etməyib. Əmlakları sökülənə ya yerin əvəzi verilir, ya da pul ödənilir. Ona görə dəqiqləşdirib, sonra deyək bunları. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına ötən il müəyyənləşdirilmiş hədəflər və Azərbaycan Prezidentinin yanvar ayında etdiyi iki çıxışda irəli sürdüyü vəzifələr kontekstindən baxanda görürük ki, burada xeyli dərəcədə uzlaşmalar var. Yəni 2016-cı ildə Konstitusiya islahatı oldu, bir də strateji yol xəritəsi qəbul olundu. Həmin sənədlərdə çox mühüm hədəflər müəyyənləşdirildi, o hədəflərin içərisində həm müxtəlif səpkili təhlükəsizlik məsələləri, institusional, iqtisadi, sosial və digər xarakterli islahatlar mühüm yer tutur. Bu məsələlər Azərbaycan Prezidentinin 2016-cı ilin yekunları və qarşıda duran vəzifələrlə bağlı yanvar ayının 10-da etdiyi çıxışında müəyyənləşdirdiyi 7 istiqamətdə öz əksini tapdı.
Birinci, makroiqtisadi sabitliyin təmin edilməsi. İkinci, maliyyə sağlamlaşdırılması istiqamətində addımlar atılması və bank sektorunun Azərbaycan iqtisadiyyatına vurduğu ziyanın aradan qaldırılması istiqamətində tədbirlərin görülməsi. Üçüncü, qeyri-neft sektorunun inkişafı, o cümlədən qeyri-neft sənaye potensialının artırılması. Dördüncü, kənd təsərrüfatının inkişafının yeni mərhələyə qaldırılması. Beşinci, tikinti sektorunun canlandırılması. Altıncı, turizmin inkişafının səmərəliliyinin artırılması. Diqqət etsək, görərik ki, yaz sessiyasının gündəliyinə daxil olan həmin qanunvericilik sənədlərində həm təhlükəsizliklə bağlı, həm iqtisadi xarakterli, həm kənd təsərrüfatına aid və həm də maliyyə xarakterli xeyli dərəcədə zəruri qanunvericilik sənədləri var. Bu qanunvericilik sənədlərinin qəbul edilməsi vacibdir. Hesab edirəm ki, Milli Məclisin bundan əvvəl qəbul etdiyi Vergi Məcəlləsinə, Gömrük Məcəlləsinə çoxsaylı əlavələr, 2017-ci il yanvarın 1-dən vergi borclarının silinməsi ilə bağlı atılan mütərəqqi addımlar və bir sıra qəbul olunan sənədlər kontekstində bunun geniş planda bir davamı olacaq və bu, Azərbaycanda həyata keçirilən islahatlara Milli Məclisin töhfəsini daha da artıracaq. Bununla belə bir sıra məsələlər var, onlara, yenə də təkrar edirəm, 2017-ci il yanvarın 30-da Azərbaycan Prezidentinin müəyyənləşdirdiyi hədəflər kontekstində yanaşanda görürük ki, əsas virus maliyyə və bank sektorundadır və bu virusu aradan qaldırmaqla Azərbaycan iqtisadiyyatının düşdüyü vəziyyətdən çıxmasını xeyli dərəcədə sürətləndirmək olar. Əgər diqqətlə baxsaq, görərik ki, burada  ümumi maliyyə sağlamlaşdırılması istiqamətində işlər görülməlidir, amma bu,  zəncirvari reaksiyanın zəncir həlqələri olduğuna görə vacib həlqələrdən tutmaq lazımdır ki, vaxt itirmədən həmin problemlərin həllini sürətləndirək.
Bu nöqteyi-nəzərdən bir məqamı qeyd etmək istəyirəm. İki il bundan qabaq bankdan 10 min manat borc alan Azərbaycan vətəndaşı faizlərin dərəcəsindən asılı olaraq indi 28–30 min manat pul qaytarmalıdır. Əksər insanlar bunu qaytarmaq iqtidarında deyillər, çünki, onlar bunu öz əmək haqlarına uyğun surətdə qurmuşdular. Ona görə də ümidsiz kreditlərin sayı artacaq və bu da bilavasitə bankların daha pis vəziyyətə düşməsinə gətirib çıxaracaq. Bu səbəbdən biz o ağırlığın 4 yerə bölünməsini irəli sürürük. Onun bir hissəsi vətəndaşların üstündədir, bir hissəni Mərkəzi Bank, bir hissəni kommersiya bankları, digər hissəni də aidiyyəti dövlət strukturları öz üzərinə götürsün. Belə olsa, bu vəziyyətdən asanlıqla çıxmaq olar. Bizim bu istiqamətdə aidiyyəti orqanlara göndərdiyimiz sənədlər həm də hüquqi normativ aktlarla bağlı sənədlər olduğuna görə, hesab edirik ki, bu əsasda xarici valyutada olan kreditlərin restrukturizasiyası haqqında ya qanunun, ya da xüsusi bir normativ aktın qəbul edilməsinin sürətləndirilməsi bizim  maliyyə və bank sektorundakı problemlərin həllini sürətləndirər. Bu, həm dövlət üçün, həm də banklar üçün xeyirli olar, habelə 100 minlərlə insanı düşdüyü ağır vəziyyətdən çıxara bilər.
İkinci məsələ bilavasitə Azərbaycan Prezidentinin qaldırdığı məsələlərlə bağlı qeyri-neft sektorunun inkişafıdır. Qeyri-neft sektorunun inkişafı bilavasitə kiçik və orta sahibkarlığın inkişafından çox asılı olduğuna görə, mən hesab edirəm ki, burada kənd təsərrüfatının sığortası ilə bağlı qanun layihəsi yerinə düşəcək. Deputat həmkarım Vahid Əhmədovun qaldırdığı məsələ ilə bağlı demək istəyirəm. Əgər 10 il bundan qabaq köhnə maliyyə naziri dövlət maliyyə nəzarəti haqqında qanunun hazır olduğunu bildirirdisə, deməli, bu müddət həddindən artıq çoxdur və mən arzu edərdim ki, 2017-ci ilin birinci yarısında islahatlar üçün daha çox zəruri olan qanunların işlənilməsi sürətlənsin. Bizim çıxışlarımız bəlkə də ona stimul verəcək ki, həm Rəqabət Məcəlləsinin işlənilməsi sürətləndirilsin, həm də dövlət maliyyə nəzarəti haqqında qanunun hazırlanması  istiqamətində addımlar atılsın. 
Mən keçən dəfə də demişdim, bir məsələni çox vacib hesab edirəm. Hər bir millətin inkişafının, tərəqqisinin əsası, meyarı təhsildir. Mən alqışlayıram ki, Məktəbəqədər təhsil haqqında qanun layihəsi bu yaz sessiyasının gündəliyinə salınıb. Amma nəzərə alsaq ki, model qanun olan “Təhsil haqqında” Qanun artıq 7 ildir qəbul olunub, bu müddətdə həmin qanun baza yaratdığı üçün digər sahəvi qanunların, yəni məktəbəqədər təhsil, orta təhsil və ali təhsil haqqında qanunların da işlənib hazırlanmasının sürətləndirilməsi vacib olardı. Əgər bu istiqamətdə qeyd olunan əlavələr bu sessiyada olmasa, məsələn, növbəti sessiyalara çatdırılsa, bu, ümumi işin xeyrinə olacaq, mən deyərdim ki, icraedici hakimiyyət ilə qanunverici hakimiyyət arasında olan əlaqələrin daha da intensivləşməsinə, həm də böhrandan çıxışın, yeni iqtisadi modelin reallaşdırılmasının hüquqi bazasının daha da möhkəmləndirilməsinə, müasir tələblərə cavab verən daha mükəmməl hüquqi bazanın yaradılmasına xidmət edəcək. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M.Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Milli Məclisin 2017-ci il yaz sessiyasının iş planını mən də dəstəkləyirəm. Hesab edirəm ki, iş planında nəzərdə tutulan qanunların hamısı cənab Prezidentin elan etdiyi postneft dövründə uğurla həyata keçirilən dərin islahatların, sosial-iqtisadi inkişafın ruhuna uyğun qanunlardır və bu qanunların qəbul edilməsi ölkəmizdə həm iqtisadi, həm də sosial münasibətlərin daha yeni və yüksək müstəvidə həyata keçirilməsinə səbəb olacaqdır.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Eyni zamanda, bir neçə təklifim var, hörmətli Ziyafət müəllim. Həmin təklifləri burada səsləndirmək istəyirəm. İş planına Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi  salınıb və bu bizim çoxdan haqqında danışdığımız və ictimaiyyətimizin gözlədiyi bir qanun layihəsidir. Bu qanun layihəsini aparıcı komitə kimi Əmək və sosial siyasət komitəsi, bir də İnsan hüquqları komitəsi müəyyənləşdiribdir. Mən bunu tamamilə normal və qanuni hesab edirəm. Eyni zamanda, təklif edirəm ki, bu komitələrin sırasına Səhiyyə komitəsi də əlavə olunsun. Çünki bu, birbaşa insan sağlamlığı ilə bağlı məsələdir. Qanun layihəsində nəzərdə tutulan müddəalar, məsələn, siqaret çəkmənin tərgidilməsi, uşaqların bu sahədə maarifləndirilməsi, aparılan sağlamlaşdırılma tədbirləri və sair birbaşa səhiyyə ilə bağlı məsələlərdir. Buna görə, mən təklif edərdim ki, bu komitələrin sırasına Səhiyyə komitəsi də əlavə olunsun.
Bizim Səhiyyə komitəsinin hazırladığı iki qanun layihəsi də bu ilin iş planına daxil edilibdir. Reproduktiv sağlamlığın qorunması haqqında  və Psixoloji yardım haqqında qanun layihələri ilə bağlı mənim təklifim var. Psixoloji yardım haqqında qanun layihəsinin aparıcı komitəsi kimi Səhiyyə və İnsan hüquqları komitələri nəzərdə tutulub. Təklif edərdim ki, buraya Təhsil komitəsi də əlavə olunsun. Çünki psixoloji yardım, psixoloqların hazırlanması, psixoloji xidmətin göstərilməsi daha çox səhiyyə və təhsil müəssisələri ilə bağlıdır. Hesab edirəm ki, Təhsil komitəsinin də bu işdə iştirak etməsi həm qanunun keyfiyyətinin yüksəlməsinə, həm də qəbulunda müəyyən dəstək verilməsinə səbəb ola bilər. Eyni zamanda, təklif edərdim ki, Reproduktiv sağlamlığın qorunması haqqında qanun layihəsində bizim komitə, Gənclər və idman komitəsi, İnsan hüquqları komitəsi ilə yanaşı, Ailə, qadın və uşaq məsələləri komitəsi də iştirak etsin. Çünki reproduktiv sağlamlığın qorunması səhiyyə ilə yanaşı, ailə məsələləri ilə bağlı olduğuna görə, Ailə, qadın və uşaq məsələləri komitəsinin də burada iştirakı yaxşı olardı.
Hörmətli Ziyafət müəllim, bir neçə təklifimi də bildirmək istəyirəm. Bunlar, əsasən, əlavə və dəyişiklik xarakterli təkliflərdir. Biz keçən ilin sonunda Vergi Məcəlləsinə bir sıra geniş dəyişikliklər etdik və hesab edirəm ki, o dəyişikliklərin hamısı zəruri dəyişikliklərdir. O dəyişikliklərdən biri də elektron ticarətin əlavə dəyər vergisinə cəlb olunması məsələsi ilə bağlı idi. İndi bunun nə qədər doğru olub-olmamasını, təbii ki, mütəxəssislər söyləyə bilərlər. Amma mənim bir alıcı kimi təsəvvürümdə  bu, o qədər də uğurlu bir dəyişiklik deyil. Bu bir yana qalsın, artıq bankların bəziləri ayırd etməkdə çətinlik çəkirlər. Hətta elektron ticarət olmadığı halda, tutaq ki, Azərbaycan vətəndaşı xarici ölkəyə gedib orada öz kredit kartı ilə, yaxud maaş kartı ilə nə isə alanda avtomatik bunun üzərinə 18 faiz əlavə dəyər vergisi gəlir. Hesab edirəm ki, bu, gələcəkdə çox ciddi bir problem yarada bilər. Ya bu qanunda təzədən dəyişiklik etməklə bu məsələni dəqiqləşdirməliyik, ya da Maliyyə Bazarlarına Nəzarət Palatası bu məsələyə aydınlıq gətirməli və öz normativlərində bunun aradan qaldırılması üçün bir yol tapmalıdır. 
Başqa bir təklifim Əmək Məcəlləsinə və “Məşğulluq haqqında” Qanuna dəyişiklik edilməsi ilə bağlıdır. Sosial sahədə aparılan  uğurlu islahatların biri də əlillik problemləri ilə bağlıdır. Əlillərin sosial müdafiəsi ilə bağlı yeni qanun layihəsi hazırlanır. O cümlədən “Əmək pensiyaları haqqında” Qanuna da xeyli ciddi dəyişikliklər gəlib və komitələrdə artıq müzakirələrə çıxarılacaqdır. Bu qanunlarda ikinci və üçüncü qrup əlillər yeni baxışa görə əməkqabiliyyətli sayılırlar. Əməkqabiliyyətli sayıldıqları halda bunlara iş təminatında, hesab edirəm ki, problemlər yarana bilər. Çünki sağlamlığını müəyyən qədər itirmiş insanla sağlam insanın işə götürülmə  şansları eyni olmayacaqdır. Ona görə də mən təklif edirəm ki, bu insanların məşğulluq problemlərinin də asanlaşdırılması üçün “Məşğulluq haqqında” Qanunda təzədən kvota məsələsinə qayıdaq və əlillərin işə düzəlməsində kvotanın artırılması məsələsini gündəliyə gətirək.
Bütövlükdə,  yenə deyirəm, mən bu iş planını dəstəkləyirəm, iş planına səs verəcəyəm və hesab edirəm ki, bu qanunların qəbul olunması ölkəmizin sosial-iqtisadi inkişafına dəyərli töhfə verəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əflatun Amaşov.
Ə.Amaşov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli deputatlar, hörmətli media nümayəndələri! Milli Məclisin yaz sessiyasının  qanunvericilik işləri planına kifayət qədər əhəmiyyətli layihələr daxil edilibdir. Mən onlara səs verəcəyəm. İndi isə bəzi məsələlərlə bağlı   öz təkliflərimi bildirmək istərdim. Məlum olduğu kimi, internet üzərində yayımlanan media vasitələrinin sayı gündən-günə çoxalmaqdadır. Bu ənənə təkcə Azərbaycan üçün  xarakterik deyil, dünyanın hər yerində ictimai fikir bu gün, əsasən, internet-media vasitəsi ilə formalaşır. Lakin indiki durumda media orqanları hüquqi münasibətlər  sistemində çıxış etmirlər. Bir sıra qanunlarda və dövlət sənədlərində  internet ümumi şəkildə informasiyanın yayılma realı, ictimaiyyətə çatdırılma vasitəsi kimi nəzərdə tutulsa da, bu yetərli deyil. Hazırkı durumda internet-medianı yaradanlar yaxşı halda Vergilər Nazirliyində  MMC kimi qeydiyyata düşürlər. Əksəriyyət isə yalnız  domen və hostinq əldə etməklə  fəaliyyət göstərir. Belə olan halda onların fəaliyyətinin KİV kimi hüquqi münasibətlər sistemində konkret olaraq məhkəmə müstəvisində  mübahisələndirilməsi çətinlik yaradır. Ona görə də təklif edirəm ki, internet-media müstəqil olaraq bilavasitə hüquqi münasibətlər sistemində çıxış etsin. Azərbaycanda media ilə bağlı qanunvericilik bazası kifayət qədər təkmildir, demokratik  ruhludur və ölkəmizdə bu sistemə dövlət qayğısı var. Bu qayğı Prezident İlham Əliyevin söz  və ifadə azadlığına verdiyi böyük dəyərdir. Bu dəyər hər zaman aktualdır. Buna görə də internet-media ilə bağlı məsələ cəmiyyətdə geniş müzakirə olunmalıdır. Elə mexanizm yaradılmalıdır ki, onun    təqvimi mövcud söz və ifadə azadlığını heç bir vəchlə məhdudlaşdırmasın. Məqsəd məsuliyyət hissini artırmaq olmalıdır. Əgər kimsə yalnız domen və hostinq əldə etməklə internet-media orqanı yaradıb kimlərinsə şəxsi həyatına müdaxilə edəcəksə, buna yol vermək olmaz. Yəqin, sessiya müddətində bu, mümkün olmayacaq.  Ancaq istərdim ki, yaxın gələcəkdə bu məsələyə diqqət yetirək. Bir müddət əvvəl internet-medianın da dövlətimiz tərəfindən maliyyələşdirilməsi məsələsini gündəmə gətirmişdik. Yenə də fikrimin üstündə  dayanıram. Çünki bu məsələ çox vacibdir. Düşünürəm ki, internet-medianın hüquqi statusu müəyyənləşərsə, biz saytların maliyyələşdirilməsi  mexanizminin tətbiqində çətinlik çəkməyəcəyik.
Növbəti bir məsələyə də toxunmaq istərdim, hörmətli Ziyafət müəllim. Hörmətli Siyavuş müəllim öz çıxışında bilavasitə buna toxundu, bu, informasiya təhlükəsizliyi ilə bağlıdır. Azərbaycanın milli təhlükəsizlik konsepsiyası qəbul edilib. Sənəddə informasiya təhlükəsizliyi ilə bağlı müddəalar da yer alıb. Lakin onlar ümumi xarakter daşıyır. İnformasiya təhlükəsizliyi məsələsi isə yaşadığımız dövr üçün aktual əhəmiyyət daşımaqdadır. Üstəlik, müharibə şəraitindəyik. Müharibə artıq özünün  aparılma  forma və  üsullarını dəyişib. Çox zaman düşmən informasiya cəbhəsində fəallıq göstərir. Digər tərəfdən, informasiya texnologiyaları sürətlə inkişaf edir. Bu sahədəki təhlükəsizliyin təmin edilməsi həm də hüquq və azadlıqların  dərinləşməsi prosesinə töhfədir.  Buna görə də hesab edirəm ki, biz fundamental əhəmiyyət daşıyan informasiya təhlükəsizliyi məsələsində xüsusi təşəbbüskarlıq göstərməliyik.
Sonda bir məsələyə də toxunmaq istərdim.  Bu gün ali məktəblərimizdə  minlərlə gənc təhsil alır. Aralarında ödənişli əsaslarla oxuyanların sayı kifayət qədər çoxdur. Bu yaxınlarda bir qrup tələbə ilə görüşdüm. Problemlərini mənə anlatdılar. Məlum oldu ki, universitetlərin əksəriyyəti təhsil haqqını təhsil ili başlayanda, özü də bütövlüklə tələb edirlər, bu isə tələbələri və onların valideynlərini sıxıntıya salır. Bəzi tələbələr təhsil haqlarını ödəyə bilmədikləri üçün təhsillərini davam etdirə bilmirlər. Olmazmı ki, ali məktəblər bu məsələyə bir qədər anlayışla yanaşsınlar? Fərqi yoxdur, dövlət, yaxud da özəl ali məktəb olsun, tələbələrin ailələrinin maddi vəziyyəti nəzərə alınaraq təhsil haqqının hissə-hissə ödənilməsi ilə bağlı razılaşma əldə olunmalıdır. Yəqin ki, təhsil haqqında qanunvericilikdə elə etmək olar ki, istər dövlət, istərsə də özəl ali məktəblərdə bu məsələ birdəfəlik həllini tapsın. Təşəkkür edirəm. Təkrar edirəm, planda çox vacib qanun layihələri var, mən bunlara səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A.Mirzəzadə. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli deputat həmkarlarım! İlk növbədə parlamentimizin yaz sessiyasının başlaması münasibəti ilə hər birinizi təbrik edirəm və Milli Məclisə öz fəaliyyətində uğurlar arzulayıram. Hesab edirəm ki, artıq qarşımızda kifayət qədər ciddi məsələlər durur və bunları həll etmək,  qanunvericilik formasına çatdırmaq üçün hər bir deputatda potensial vardır. Qaldırmaq istədiyim məsələlərin bir çoxu deputat həmkarlarımın çıxışlarında qaldırıldı. Ona görə də mən onlara toxunmuram. Ancaq bir məsələyə toxunmaq istəyirəm.
Ötən il dekabr ayının 29-da Azərbaycan–Ermənistan cəbhə xəttində Tovuz rayonunun ərazisində Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində əsgərimiz Çingiz Qurbanov şəhid oldu. Amma ermənilər həmişəki kimi özlərinin qeyri-insani münasibətlərini bu məsələdə də göstərdilər. Şəhid olmuş əsgərimizin cəsədini Ermənistan ərazisinə keçirdilər və bütün beynəlxalq konvensiyaları, əsirlərin və həlak olmuş hərbi qulluqçuların cəsədlərinin dəyişdirilməsi və geri qaytarılması barədə beynəlxalq hüquq normalarını pozaraq indiyə qədər Çingiz Qurbanovun nəşini geri qaytarmaqdan imtina edirlər. Artıq 1 aydan çox keçib və Ermənistan növbəti dəfə özünün qeyri-insaniyyətini, orta əsr təfəkkürü ilə yaşadığını və sivilliyə, insanlığa zidd olan bütün normaları özünün həyat tərzinə çevirdiyini bir daha göstərdi. Milli Məclis də bu məsələdə geri qalmadı. Milli Məclisin İnsan hüquqları komitəsi bu məsələ ilə bağlı özünün bəyannaməsini yaydı.
Bu gün Azərbaycan  iqtidarı, Azərbaycan hakimiyyətinin müxtəlif qolları Çingiz Qurbanovun nəşinin geri qaytarılması üçün beynəlxalq təşkilatlara, ATƏT-in Minsk Qrupunun həmsədrlərinə müraciət edirlər və çox təəssüf ki, indiyə qədər bu məsələni həll etmək mümkün olmayıb.  Ermənistan BMT-nin Təhlükəsizlik Şurasının 4 qətnaməsini, beynəlxalq normaları nəzərə almayaraq Azərbaycanın ərazi bütövlüyünü tanımaq istəmədiyi kimi, bu məsələdə də özünün qeyri-sivilliyini və qeyri-insanlığını bir daha ortaya qoyur. Biz Ermənistan tərəfdən Azərbaycan əsgərinin nəşinin geri qaytarılmasını, axır ki, normal təfəkkürə qayıdaraq Azərbaycanla mehriban qonşuluq siyasəti yeritməsinə qayıtmasını tələb edirik, Ermənistandan öz gələcəyini düşünməsini tələb edirik. Əgər 1991-ci ildə Azərbaycanın 7 milyon əhalisi, Ermənistanın 4 milyon əhalisi vardısa, hazırda Ermənistanda 2 milyon, Azərbaycanda isə artıq 10 milyon əhali var. Həmin dövrdə Azərbaycan və Ermənistanın büdcəsi 4 milyard rubla bərabərdisə, bu gün Azərbaycan və Ermənistan büdcəsi arasında 10 dəfədən çox fərq var. Bu gün Azərbaycan regionun lider dövləti və regional layihələrin təşəbbüskarıdır, Ermənistan isə kiçik həcmli kreditlərin alınması üçün beynəlxalq təşkilatların, xarici ölkələrin paytaxtlarının qapısını döyməkdən əl çəkmir. Yəni göründüyü kimi, işğalçılıq siyasəti ilk növbədə zərbəni Ermənistanın özünə vurur. Ermənistan bu məsələdə nə qədər tez konstruktiv mövqe tutarsa, hesab edirəm ki, ilk  növbədə onun özü üçün  düzgün olar.
Azərbaycan  öz seçimini edib, Azərbaycan öz ərazi bütövlüyünü təmin etmək gücündədir, iqtidarındadır və bu siyasətindən heç zaman geri çəkilməyəcək. Bir müddət əvvəl cənab Prezidentin Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı verdiyi sərəncam göstərdi ki, Azərbaycan artıq tarixi bir dönəmin,  qaçqınların öz dədəbaba yurdlarına qayıtması və həmin yaşayış məntəqələrinin bərpa edilməsi üçün başladığı hərəkatın başlanğıcındadır. Bir çox dövlətlərin bir qayda olaraq işğaldan azad edilmiş və ya təbii fəlakətdən ziyan çəkmiş ərazilərin bərpası üçün beynəlxalq təşkilatlara, donor ölkələrə müraciət etmələrinə baxmayaraq Azərbaycan öz vətəndaşlarının problemlərini öz gücü ilə həll etmək əzmindədir. Parlamentin ilk iclasında şəhid əsgərimizin məsələsini qaldırmaqla  ümid etmək istəyirəm ki, Ermənistan nəhayət normal bir təfəkkürə qayıdacaq, ATƏT-in Minsk Qrupunun həmsədrləri bu məsələdə qəti mövqe tutaraq, Ermənistandan artıq tərəflərin razılığa gəlməsi prinsipini qəbul etməsini deyil, işğalçı dövlət kimi beynəlxalq hüquq normalarına  riayət etməsini tələb edəcəklər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A.Şahverdiyev.  Çox sağ olun, Ziyafət müəllim.  Hörmətli həmkarlar, hörmətli  Milli Məclis üzvləri! Mən də yaz sessiyasının başlanması münasibəti ilə bütün həmkarlarımı təbrik edirəm və hesab edirəm ki, növbəti sessiya üçün bizə çox məhsuldar, 16 maddədən ibarət böyük  bir iş planı təqdim olunub. Bunların hər biri bugünkü Azərbaycan cəmiyyətinin vəziyyətini ifadə edir. Burada, doğrudan da, bir neçə məqsədəuyğun qanun var.  Bunların  qəbul edilməsinin vaxtı artıq çatmışdır. Sosial sifariş kimi burada birinci növbədə Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında qanun layihəsi durur. Ətraf mühitə istər antropogen, istərsə də təbii təsirlər olsun, bu, əlbəttə, bütün dünya ölkələrini narahat edən məsələdir.
Başqa bir məsələ Məktəbəqədər təhsil haqqında qanun layihəsidir. Yadınızdadırsa, keçən çağırışda biz “Təhsil haqqında” Qanunu ümumi şəkildə çərçivə qanunu kimi qəbul etmişdik. Orada nəzərdə tutulmuşdu ki,  9-a yaxın əlavə qanun da qəbul olunacaq. Hesab edirəm ki, Məktəbəqədər təhsil haqqında qanun həmin qanunlar içərisində birincisidir. Bunu da alqışlamaq lazımdır.
Digər məsələ isə Uşaqların sağlamlığına və inkişafına ziyan vuran informasiyalardan qorunması haqqında qanun layihəsidir. Bu da vaxtı çatmış bir qanun layihəsidir. Bilirsiniz ki, gənclər, xüsusilə də hələ yetkinlik yaşına çatmamış gənclər, adətən, nəzarətsiz qalanda və yaxud zərərli informasiyalardan qorunmayanda gələcəkdə onları böyük təhlükə gözləyə bilər. Bu təhlükələrdən ikisinin  adını hallandırmaq istəyirəm. Terrorçuluğa meyillilik və narkotik maddələrə aludəçilik. Ona görə də hesab edirəm ki, bu qanun layihəsi çox vaxtında hazırlanmış qanun layihəsi olmalıdır və biz onu müzakirə edərək qəbul edəcəyik.
Hörmətli Ziyafət müəllim, 1 dəqiqə vaxtınızı alacağam. Cəbrayıl və Qubadlı rayonunun 120 saylı seçki dairəsindən seçilmiş millət vəkili kimi bir məsələyə də münasibət bildirmək istəyirəm. Son günlərdə möhtərəm Prezidentimiz məcburi köçkünlərin sosial vəziyyətinin yaxşılaşdırılması ilə bağlı sərəncam və fərman imzalayıb. Əvvəl məcburi köçkünlərin kommunal xərclərini aidiyyəti qurumlar ödəyirdilər. Bu gün isə kommunal xərclər ərzaq pulu ilə birləşdirilib məcburi köçkünlərin özlərinə veriləcək, bu da müsbət mənada böyük bir rezonansa səbəb olub. Məcburi köçkünlərin dilindən eşidirik ki, bu sərəncam və fərman çox vaxtında verilib. Sərəncamla bağlı demək istəyirəm ki, Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində hələlik 50 evin bərpası nəzərdə tutulub və  möhtərəm Prezidentin ehtiyat fondundan oraya külli miqdarda maliyyə ayrılıb.  Amma bu gün  Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə qayıtmaq istəyən insanların sayı təxminən 200-ə yaxındır. Möhtərəm Prezident axırıncı çıxışlarından birində söylədi ki, həmin kəndin abadlığının bərpa olunması prosesi bundan sonra da davam etdiriləcək və oraya yeni vəsaitlər ayrılacaq. Bu sərəncam, demək olar ki, Qarabağa böyük qayıdışın başlanğıcıdır, ilk anıdır. Yəni o torpaq 1994-cü ildə hələ ulu öndərin vaxtında Füzuli rayonunun 22 kəndi ilə birlikdə azad olunmuşdu. Atəşkəs dövründən bəri ilk dəfədir ki, Azərbaycan ordusu öz qüdrətini göstərib  kəndi müharibə yolu ilə tam azad etdi. Çünki  Lələ təpənin azad olunmasının strateji əhəmiyyəti var. O təpə elə yüksəklikdədir ki, oradan 50–60 kilometr radiusda işğal altında olan torpaqları nəzarətdə saxlamaq mümkündür. Digər tərəfdən də  Lələ təpədə Cocuq Mərcanlı kəndinin qəbiristanlığı var, mü-qəddəs yerdir. Eyni zamanda, Lələ təpə həm də  ocaqdır, pirdir. Mən bütün cəbrayıllılar adından, nəinki cəbrayıllılar, bütün məcburi köçkünlər adından, 1 milyon 200 min məcburi köçkün adından Prezidentin bu sərəncamını və fərmanını alqışlayıram və cənab Prezidentə dərin minnətdarlığımı bildirirəm. Bilirsiniz ki, məcburi köçkünlər və qaçqınlar cənab Prezidentin uğurlu sosial dayaqlarından biridir. Ona görə də mən bu sözləri deməyi özümə borc bildim. Diqqətinizə görə sağ olun.    
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y.Mahmudov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Milli Məclisin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planı ilə tanış oldum. Bu plan mükəmməl bir plandır və heç şübhə etmirəm ki, qanunvericilikdəki dəyişikliklər, yeni qəbul ediləcək qanunlar ölkəmizin, dövlətimizin müxtəlif istiqamətlər üzrə inkişafında, qanunvericilik bazasının formalaşdırılmasında çox mühüm rol oynayacaq. Ona görə də bu iş planının bütövlükdə qəbul olunmasına tərəfdaram və buna səs verəcəyəm.
Mən bir təklif irəli sürmək istəyirəm və Ziyafət müəllim, Sizdən təkidlə xahiş edirəm, bu məsələni yaz sessiyasının planına daxil edək. Biz vaxtilə Azərbaycanın İrəvan vilayətini və ətrafındakı torpaqları, ümumilikdə 9 min kvadratkilometr torpağı ermənilərə vermişik. İndi o torpaqlarda Azərbaycan xalqının varislik hüququnun bərpa edilməsi haqqında məsələ qaldırıb, yaz sessiyasının iş planına daxil etməliyik. Çünki  dünyanın müxtəlif ölkələrindən bununla əlaqədar bütün sənədlər bizim əlimizdədir, yəni Milli Elmlər Akademiyasının Tarix İnstitutundadır. Hər şeydən əvvəl dövlətimizin başçısı o torpaqların verilməsi ilə əlaqədar dövlətimizin prinsipial mövqeyini həmişə bəyan edir. Bu yaxınlarda Tərtərdə də hərbiçilərlə görüşdə bir daha bildirdi ki, o torpaqların verilməsi səhv bir addım idi.
Mən diqqəti məsələnin bir tərəfinə cəlb etmək istəyirəm. Bütün sənədlər bizim əlimizdədir. Baxaq görək ki, 9 min kvadratkilometr torpaq hansı şərtlərlə verilmişdir. Erməni milli şurasının Osmanlı Türkiyəsi ilə bağladığı sazişi və fransız dilində olan sənədləri də biz gətirtmişik. Şərtlərdən biri bundan ibarət idi ki, 9 min kvadratkilometr torpaq o şərtlə verilir ki, birinci növbədə Şaumyan və onun başçılıq etdiyi daşnaq qrupları buradakı soyqırımlarını dayandırıb qoşunları buradan çıxarmalıdırlar. Soyqırımı törətdiklərini boyunlarına almışdılar. İkincisi, Azərbaycan ərazisindəki bütün soyqırımları dayandırılmalıdır, üçüncüsü, Azərbaycana bir daha ərazi iddiası, xüsusilə Qarabağ iddiası irəli sürülməyəcəkdir. Ondan sonra həmin 9 min kvadratkilometr ərazidə qalan camaatımızın bütün  sahələrdə ermənilərlə bərabər hüquqları olmalıdır. Orada şeyxülislam olmalıdır, müftilər fəaliyyət göstərməlidirlər, bütün məscidlər açıq olmalıdır və təzə yaranan Ermənistan Respublikası bizim camaatımızın orada ibtidai təhsil, orta təhsil və ali təhsil alması üçün bütün tədbirləri görməlidir. Sərhədlərin pozulmazlığı təmin olunmalıdır.
Amma o respublika mayın 29-da bu şərtlər elan olunandan sonra, səhəri günü bizim ərazi bütövlüyümüz pozuldu və Zəngəzurun işğalı prosesinə başlandı. Səhəri günü həmin ərazidən bizim azərbaycanlılar qovulmağa başlandı. Orada nə şeyxülislamlıq yaradıldı, nə məktəblər açıldı. Bizim oradan deportasiya prosesimiz, soyqırımları başladı. Qarabağda, Zəngəzurda da soyqırımlarına başladılar. Bütün bu tarixi şərtlərin hamısını ermənilər birtərəfli qaydada pozdular. Pozduqları üçün də bizim Milli Şuramızın mayın 29-da qəbul etdiyi qanun birtərəfli qaydada öz qüvvəsini itirdi.
Biz Konstitusiya aktında öz müstəqilliyimizi elan eləmişik. Bugünkü Azərbaycan Respublikası cümhuriyyətin varisidir. Parlament də Milli Şuranın varisidir. Ona görə də həmin məsələ yenidən bizim Milli Məclisdə müzakirəyə çıxarılmalıdır. Erməni tərəfi birtərəfli qaydada o torpaqların verilməsi müqabilində boynuna götürdüyü şərtlərin hamısını pozduğu üçün bizim o torpaqlara tarixi varislik hüququmuz bərpa olunmalıdır ki, Azərbaycan xalqı gələcəkdə öz hüququndan istifadə edə bilsin. Mən təklif edirəm, biz bu məsələni gündəliyə daxil edək. Əlimizdə olan bütün sənədləri Milli Məclisə təqdim eləməyə hazırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Mən də qanunvericilik işləri planına dəstək verəcəyəm. Bir sıra vacib qanun layihələri dəfələrlə burada müzakirə olunub, gündəliyə çıxarılıb. Söhbət Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında, Məktəbəqədər təhsil haqqında, Reproduktiv sağlamlığın qorunması haqqında, Psixoloji yardım haqqında qanun layihələrindən gedir. Bunlar çox önəmli qanun layihələrdir.
Ziyafət müəllim, mən 3 qanun layihəsi barədə fikirlərimi bildirmək istərdim və mümkün olsa, sessiya çərçivəsində onlara baxılması müsbət olardı. Bunlardan biri, – hörmətli Musa müəllim bu məsələnin bir tərəfinə toxundu, – məşğulluqla bağlı əlavə və dəyişikliklərin edilməsi məsələsinə baxılmasıdır. Çünki əlillər ilə bağlı kvotaların artırılması çox vacib və önəmli məsələdir. Əlillərin iş ilə təminatı məsələsinə də biz xüsusi diqqət yetirməliyik. Özəlliklə də bütün əlillərin. Bir qisim əlil var ki, onlar ali təhsil alırlar, universitetləri yaxşı qiymətlərlə bitirirlər. Amma çox təəssüf ki, iş ilə təminat məsələsində çox ciddi problemlər var və onlar tez-tez Milli Məclisə gəlir, müraciət edirlər. Bu gün müvafiq bir kvota var. Amma çox təəssüf ki, az müəssisə o kvotaya riayət edir. Yəni  əlillər ilə bağlı qanunvericilikdə nəzərdə tutulan kvota ilə əlaqədar bir araşdırma aparılsa və nazirlik Milli Məclisə təqdim eləsə ki, bizim istər dövlət, istərsə də özəl qurumlarımızın nə qədərində bu kvotalara riayət olunur, gerçəkdən biz görəcəyik ki, mənzərə heç də ürəkaçan deyil. Ona görə, kvotaların artırılması məsələsinə baxmaqla yanaşı, elə qanunvericilikdəki müvafiq kvotalara əməl edilməsi istiqamətində qurumların üzərindəki məsuliyyət hissinin artırılması məsələsinə də baxmaq lazımdır. Yəni ya cərimə mexanizmlərini, ya da digər mexanizmləri ciddi işə salmalıyıq ki, bu qanunvericiliyin yerinə yetirilməsində, əlillərin iş ilə təminatında istər dövlət, istərsə də özəl qurumlar daha çox məsuliyyət hiss eləsinlər və bu məsələyə dəstək olsunlar.
Digər məsələnin bir hissəsinə hörmətli həmkarım Əflatun müəllim toxundu, gənclər gəlirlər, müraciət edirlər ki, təhsil haqlarını ödəməkdə çətinlik çəkirlər. Universitetlər ödənişi öncədən istəyirlər. Bəli, hətta vəziyyət ondan ibarətdir ki, ilin yarısına qədər bu ödəniş ödənilməsə, gəncləri imtahana buraxmırlar və bu, ciddi bir gərginliyin əsasını qoyur. Biz nəzərə alsaq ki, bu gün ödənişli universtetlərdə 1500 manatdan aşağı məbləğ demək olar, yoxdur, bu da gəlirləri aşağı olan əhalinin  istedadlı övladlarının oxuması üçün ciddi problemlərin əsasını qoyur. Ona görə də bu qanun layihəsi komitələrimizin diqqətindədir. Təhsil kreditləri ilə bağlı məsələni mən təkrar gündəmə gətirmək istəyirəm. Bolonya sisteminə keçən ölkələri araşdırsaq, görərik ki, hamısında təhsil kreditləri məsələsi geniş yayılıb. İndi bizdə müvafiq bir qurum bu istiqamətdə hansısa addım atır. Amma bu məsələ yetərli deyil. Biz təhsil kreditləri məsələsinə diqqətimizi daha da artırmalıyıq ki, savadı olan, təhsil almaq istəyən gənclərimiz məhz ödənişi ödəyə bilmədikləri üçün təhsildən kənarda qalmasınlar və ailələr də öz savadlı, istedadlı uşaqlarının bu istiqamətdə problemlərlə üzləşəcəyini bilsələr də, geri çəkilməsinlər, onlara təhsil verməyə çalışsınlar. Çünki açıq söyləyək, kənd rayonlarını təmsil edən millət vəkili olaraq bilirəm ki, kəndlərdən, bölgələrdən gələn gənclərimizin bir hissəsi yataqxanaların sayı yetərli olmadığı üçün kirayədə qalmağa məcbur olur. Ailələr bu gəncləri həm kirayədə saxlamalı, həm də təhsil xərclərini ödəməlidirlər. Təhsil kreditləri olsa, müəyyən qədər yüngüllük yarana bilər. Ona görə bu məsələyə baxmağımız müsbət olardı.
Burada hörmətli Zahid müəllim Aleksandr Lapşin ilə bağlı məsələyə toxundu. Doğrudur, Xarici İşlər Nazirliyi səviyyəsində Azərbaycanımızın işğal altında olan torpaqlarına dövlətin icazəsi olmadan qeyri-qanuni səfərlər edən insanlara qarşı tədbirlər görülür. Amma  qanunvericilik çərçivəsində  daha geniş şəkildə bunun nəzərdə tutulması və işğal olunmuş ərazilər ilə bağlı bir qanun layihəsinin gündəmə gəlməsi müsbət bir addım olardı, yəni beynəlxalq ictimaiyyətə səsləniş də olardı. Çünki biz görürük, bu kimi halların sayı çox təəssüf ki, azalmır, əksinə artır. Bu cür qanun layihəsinin gündəmə gəlməsi, müzakirə olunması beynəlxalq ictimaiyyətə yönəlmiş çox önəmli bir mesaj  olmaqla bərabər bu hallara bəlkə müsbət təsir edərdi.
Sonda bir məsələyə toxunmaq istəyirəm. Bu məsələ bir neçə dəfə parlamentdə qalxdı və parlamentimizin rəhbərliyi də buna müsbət yanaşdı. Söhbət autizmli uşaqlarla bağlı ailələrə dəstək olmaqdan gedirdi, hörmətli Sədrimiz də bu məsələnin diqqətə alınacağını vurğulamışdı. Gərçəkdən də, bu ailələr çox ağır vəziyyətdədirlər. Bu xəstəlik çox ciddi bir problemdir. Uzun sürən, ailələrə və uşaqlara dəstək istəyən bir sindromdur. Ona görə, bu autizimli uşaqlarla bağlı məsələnin Məclisimizin sessiyası çərçivəsində hansısa bir komitə səviyyəsində gündəmə gəlməsi çox müsbət addım olardı.
Daha bir məsələ ilə bağlı qısa şəkildə fikrimi bildirmək istəyirəm. Aydın müəllim də bu məsələni vurğuladı. Mənim millət vəkili seçildiyim Tovuz rayonunda Ermənistan silahlı qüvvələrinin təxribatının qarşısını alarkən Çingiz Qurbanov şəhid olmuşdur. Millət vəkillərimiz, dəyərli həmkarlarımızla birlikdə bu ailəni ziyarət eləmişik, təbii ki, bu ailənin acısı çox böyükdür. Ermənistan dövləti yenə də özünün bu işğalçı, qeyri-insani əməllərini davam etdirərək, beynəlxalq hüquq normalarını pozaraq onun nəşini qaytarmaqdan imtina edir. Amma biz buradan beynəlxalq təşkilatlara da səslənməliyik. Özəlliklə mən buradan Qırmızı Xaç Komitəsinə səslənirəm. Qırmızı Xaç Komitəsi bu məsələdə fəallığını daha da artırmalıdır. Digər beynəlxalq təşkilatlar da bu məsələyə qarışmalıdırlar. Onların Bakıda ofisləri var. Bir kiçik hadisə olanda bəyanat bəyanat arxasınca olur. Çıxışlar, açıqlamalar bir-birini əvəzləyir. Amma nədənsə bu məsələyə gələndə o beynəlxalq təşkilatların, onların  Bakıdakı ofislərinin  ciddi bir səsini eşitmirik. Buradan da bu çağırışı səsləndirmək istəyirik ki, Ermənistanın qeyri-insani əməllərini bitirməsi üçün addımlar atsınlar. Təşəkkür edirik.
Sədrlik edən. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri və media təmsilçiləri! Mən Milli Məclisin 2017-ci il yaz sessiyasının iş planını dəstəkləyirəm. Ona səs verəcəyəm və ümidvaram ki, təqdim edilmiş iş planının müzakirəsi, qəbul edilməsi Milli Məclisin səmərəli və intensiv işləməsini təmin edəcək və yaz sessiyası digər sessiyalar kimi Milli Məclisin tarixinə uğurlu bir sessiya kimi daxil olacaqdır.
Hörmətli Ziyafət müəllim, mən imkandan istifadə edib vacib bildiyim bir neçə məsələyə öz münasibətimi bildirmək istəyirəm. İlk növbədə Azərbaycan nümayəndə heyətinin Avropa Şurası Parlament Assambleyasındakı iştirakını mən yüksək dəyərləndirirəm. Qış sessiyasında bir daha Ermənistanın təcavüzkar olması, Azərbaycan torpaqlarını işğal etməsi parlament assambleyasının sənədlərində təsbit edildi. Əlbəttə, bu bizim nümayəndə heyətimizin səmərəli fəaliyyətinin məntiqi nəticəsidir. Bu, heç şübhəsiz ki, ölkə Prezidentinin həyata keçirmiş olduğu siyasi, diplomatik və xarici siyasətin prinsiplərinə söykənən bir uğurdur. Əlbəttə, bütün bunlarla bərabər, bizim, eyni zamanda, Müdafiə Nazirliyindən də gözləntilərimiz var. Bütün xalqımız Ermənistanın təxribatlarına, diversiya xarakterli hərəkətlərinə qarşı apreldə olduğundan daha qətiyyətli mövqe nümayiş etdirməlidir, ona ciddi və ağır zərbələr vurmalıdır. Bunun üçün bizim kifayət qədər əsasımız var. Ölkə Prezidenti ilə ordunun və Azərbaycan xalqının sıx vəhdəti mövcuddur. Ölkədə Prezidentimizin siyasi iradəsi, Müdafiə Nazirliyimizin yüksək peşəkarlığı, vətənə və ərazi bütövlüyümüzə sədaqəti və yüksək döyüş qabiliyyəti buna kifayət qədər əsas verir. Ona görə də biz təkcə snayperlərlə, yəni daha doğrusu, yüngül çaplı silahlarla Ermənistanın təxribatına cavab verməklə kifayətlənməli deyilik. Aprel döyüşlərində olduğu kimi, onların bizə qarşı bu cür təxribatlarına ağır və sarsıdıcı zərbələr vurmaqda davam etməliyik, bunu bütün Azərbaycan xalqı  gözləyir.
İkinci mənim toxunacağım və yüksək qiymət verdiyim məsələ bu yaxınlarda ölkə Prezidentinin Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı vermiş olduğu sərəncamdır. Məncə, bu sərəncam xüsusi olaraq mənəvi, psixoloji və siyasi baxımdan ciddi əhəmiyyət kəsb edir. Bu, dünyada Ermənistanın vandalizmini nümayiş etdirə biləcək bir tədbir olacaq. Çünki o görüntülər dünya ictimaiyyətinə çatdırılacaq. Ölkə Prezidentinin dediyi kimi, beynəlxalq təşkilatlar, Azərbaycanda akkreditə olunmuş səfirlər həmin yerlərə, təbii ki, aparılacaq, erməni vandalizmi bir daha onların diqqətinə çatdırılacaq. Şübhəsiz ki, Azərbaycan Prezidentinin, dövlətimizin məcburi köçkünlərə, vətəndaşlarımıza qayğısı bir daha öz ifadəsini tapacaqdır. Ümidvaram ki, bu sərəncam növbəti sərəncamların bir əsası olacaq və biz bundan sonra da bu proseslərin şahidləri olacağıq. 
Nəhayət, 3-cü məsələ. Hörmətli həmkarımız Yaqub Mahmudov burada çox ciddi bir məsələyə toxundu. Kifayət qədər tarixi faktlara və hüquqi əsaslara malik olan həmin məsələ, mən düşünürəm ki, Milli Məclisdə müzakirə olunmalıdır. Biz tarixi həqiqətlərə və hüquqi əsaslara söykənərək Ermənistana qarşı öz haqlı mövqeyimizi ortalığa qoya bilərik. Necə ola bilər ki, indi Ermənistan adlanan bir dövlət tarixi Azərbaycan torpaqlarında məskunlaşır, orada məskunlaşandan sonra başqa dövlətlərin himayəsi ilə erməni məsələsi dünya miqyasına qaldırılır. Azərbaycanın tarixi ərazilərində Ermənistan dövlətinin yaradılması ədalətli hesab olunur. Lakin ayrı-ayrı tarixi sənədlərdə bu torpaqların Azərbaycanın tarixi torpaqları olması hüquqi cəhətdən kifayət qədər əsaslandırılsa da, bizim bu gün Milli Məclisdə bu məsələni beynəlxalq təşkilatlar səviyyəsinə qaldırmağımız haradasa bizi müəyyən problemlərlə müşayiət edə bilər kimi düşüncələrə gətirib çıxara bilər. Düşünürəm ki, bu yanaşma doğru deyil. Ona görə Yaqub Mahmudovun  bu təklifini mən yüksək qiymətləndirirəm. Düşünürəm ki, onun bu təklifi Milli Məclisdə  müzakirə olunmalı və müvafiq qərar qəbul edilməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Araz Əlizadə.
A.Əlizadə. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən bu iş planını bəyənirəm, dəstəkləyirəm. Düşünürəm ki, həmkarlarımla birlikdə əlimizdən gələni edəcəyik ki, bu qanunların hamısı qəbul olunsun, mükəmməl olsun və yaxşı fəaliyyət göstərsin. Lakin mənim dediyim ayrı bir məsələdir. Burada hörmətli həmkarım Əli Məsimli də dedi, bank sistemində hərc-mərclik baş verir, bank sistemi dağılır. Biz büdcəni qəbul edən gün “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın reytinqini neqativə çevirdi. Orada bir bənd yazılmışdı. Azərbaycanın bank sistemi dağılıb. Nəyə görə dağılıb? Mən hesab edirəm ki, banklar izafi dəyər götürmək istədilər, devalvasiyadan istifadə edib artıq gəlir əldə etmək istədilər. İnsanları elə bir borc məngənəsinə salıblar ki, insanlar pulları ödəyə bilmirlər. Cənab Prezidentimiz əlindən gələni edir ki, insanların sosial vəziyyəti yaxşılaşsın, rifahı artsın. Lakin bizim Mərkəzi Bank və digər kommersiya bankları çalışırlar ki, insanlara daha çox əziyyət versinlər. Mən artıq bir dəfə təklif vermişdim ki, gəlin, bir iclasımızı bank sisteminə həsr edək. Amma heç kəs buna fikir vermədi. Necə deyərlər, gözəlağa çox gözəl idi, vurdu çiçək də çıxartdı. Neçə vaxtdır mənə zəng edirlər ki, Azərbaycanda kollektorlar fəaliyyət göstərməyə başlayıblar. Mən Milli Məclisdə bütün komitələrin sədrlərinə müraciət elədim və məlum oldu ki, bizdə kollektor fəaliyyəti haqqında qanun yoxdur. Yəni belə bir fəaliyyətə icazə verilməyib.
Mən həmişə digər keçmiş sovet respublikalarının nümayəndələri ilə görüşəndə fəxr ilə deyirdim ki, Xalq Cəbhəsi hakimiyyəti dövrünü çıxmaq şərti ilə Azərbaycanda heç vaxt quldur reketləri olmayıb. İndi məlum olur ki, XXI əsrdə 2016-cı ildən başlayaraq bizdə banklar bu quldur reketlərini  tətbiq edirlər. Yəni öz borclarını satırlar quldurlara, quldurlar da krediti olan və ödəyə bilməyən insanlardan krediti zor gücü ilə, döyərək, mənəvi təzyiq göstərərək almaq istəyirlər. Mən bilmək istəyirəm, necə olur ki, Azərbaycanda yeni bir fəaliyyət növü yaranır, bu barədə Milli Məclisin qərarı yoxdur. İndiyədək hüquq mühafizə orqanları buna reaksiya vermirlər. Bu gün mənə elə burada iclas gedə-gedə Qafqaz Xəbər Agentliyindən  məktub gətirdilər. Onlar da bu barədə müraciət edirlər və deyirlər ki, onlarda  həmin kollektorlarla bağlı lent yazısı var. Bunlar o lent yazısını Ədliyyə Nazirliyinə göndəriblər. Oradan hansısa məmurcuq cavab verib ki, biz onlara icazə verməmişik. Hərçənd ki, mənim fikrimcə, Ədliyyə Nazirliyi belə bir lent yazısı aldıqdan sonra onu hüquq mühafizə orqanlarına göndərməli idi ki, bu tətbiq olunsun. Bu, qeyri-qanuni fəaliyyətdir, insanlara işgəncə verirlər, zor tətbiq edirlər və sair. Bu, insanların sosial vəziyyətini daha da pisləşdirir. Bu, cənab Prezidentimiz İlham Əliyevin siyasətinə tam zidd olan bir hərəkətdir. Xahiş edirəm, Milli Məclis bu barədə müəyyən tədbirlər görsün. Çox sağ olun. Əziyyət verdim, bağışlayın.
Sədrlik edən. Başqa çıxış eləyən yoxdursa, xahiş edirəm, Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il yaz sessiyasının qanunvericilik işləri planına münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti  arasında hava əlaqəsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi “Azərbaycan Respublikası Hökuməti ilə Küveyt Dövləti Hökuməti  arasında hava əlaqəsi haqqında” Sazişin təsdiqlənməsini nəzərdə tutur. Saziş artıq imzalanıb. Hər iki ölkə arasında iqtisadi əməkdaşlıq dinamik inkişaf edir. Bu, standart bir qanundur. Yəni müvafiq qanun layihələri bizim Milli Məclis tərəfindən dəfələrlə müzakirə olunub. Millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Qanun layihəsi ilə bağlı Qüdrət müəllim çıxış eləmək istəyir. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Əlbəttə, biz bunu dəstəkləyirik və çox mütərəqqi haldır ki, son vaxtlar Azərbaycan hökuməti  ərəb dövlətləri ilə əlaqələri genişləndirir. Xüsusilə Birləşmiş Ərəb Əmirlikləridir, Qətərdir, Səudiyyə Ərəbistanıdır, indi Küveyt ilə əlaqələr genişlənir. Mən bayaq da söylədim, biz islam dünyasının bir hissəsiyik və islam dövlətləri ilə iqtisadi, siyasi, mədəni əlaqələrin genişlənməsi, doğrudan da, Azərbaycanın milli maraqlarına cavab verən bir məsələdir.
Biz suveren dövlətik və bu gün də bir suveren dövlət kimi sazişi imzalayırıq, amma mətbuatda bir məsələ diqqətimi cəlb elədi ki, Rusiya Dövlət Dumasının rəsmiləri bildiriblər ki, onlar Azərbaycanda xüsusi bir iclas keçirmək istəyirlər. Bu bizim suverenliyimizə həqarətdir. Azərbaycan Milli Məclisi ilə Rusiya Dövlət Duması arasında birgə iclaslar keçirilə bilər. Amma bir suveren dövlətin hakimiyyət orqanının gedib başqa bir dövlətdə iclas keçirməsi  hansı məntiqə sığır və dünyada belə bir təcrübə olubmu? Xeyr. Ona görə də mən düşünürəm ki, bu məsələ dəqiqləşdirilməlidir. Mətbuatın yazdığı həqiqətdirsə, Azərbaycan Respublikasının Milli Məclisi bu məsələyə öz etirazını bildirməlidir. Yəni biz Bakıda Duma ilə birgə bir dəfə iki qonşu dövlət kimi iclas keçirə bilərik, bir dəfə də bizim Milli Məclis gedib Moskvada birgə iclas keçirə bilər. Amma Dumanın gəlib Bakıda, Azərbaycanda müstəqil iclas keçirməsi heç bir məntiqə və təcrübəyə sığan məsələ deyil, həm də bizim suverenliyimizə hörmətsizlikdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov. Valeh müəllim, buyurun.
V.Ələsgərov. Təqdim olunmuş sazişə keçməzdən əvvəl Qüdrət müəllimin qaldırdığı məsələyə aid fikrimi demək istəyirəm. Burada deyən də düzgün deməyib, onu bizim mətbuatda şərh edən də düzgün şərh etməyibdir. Çünki söhbət Rusiyanın Federal Məclisi, ya da “Федеральное Cобрание” deyilən qurumu ilə Azərbaycan Respublikasının Milli Məclisinin Əməkdaşlıq Komitəsinin birgə iclasından gedir. Yəni iş planında hər il olduğu kimi, bir dəfə Moskvada, ya da Rusiyanın başqa şəhərində, bir dəfə də Bakıda, ya da Azərbaycanın başqa şəhərində Əməkdaşlıq Komitəsinin iclası keçirilir. Fikir versəniz, orada bilməyərəkdən bəzi ölkələrdə bəzi tədbirlərin adları da düzgün yazılmayıb. Söhbət bundan gedir, Dumanın burada iclasından, ya da Milli Məclisin Moskvada iclasından getmir. Bu bir.
İkincisi, təqdim edilmiş sazişlə əlaqədar, əfsuslar olsun, ingilis dilində olan mətn yenə də təqdim edilməyib. Ona görə də bizə təqdim olunan mətnin nə qədər dürüst tərcümə edildiyini qiymətləndirə bilmərəm, ancaq xahişim nədən ibarətdir. 1-ci maddədə “Anlayışlar”da oxuyuruq:
“Çikaqo Konvensiyası” termini. “Çikaqo Konvensiyası” termini ola bilməz. Bir də ki, “Anlayışlar” adlanan maddədə termin, termin, termin, nə qədər termin olar? “Aviasiya hakimiyyəti orqanları” termini. Bu nə deməkdir? “Təyin edilmiş aviasiya şirkəti” termini nə deməkdir? Anlayışlardırsa  anlayış olmalıdır, ya da termin olmalıdır. Dəfələrlə bu cür sənədləri qəbul etmişik, həmin sənədlərdə bu cür yazılmayıb, başqa cür yazılıb. Hazır qəbul edilmiş mətnlər var, niyə o mətnlərdən istifadə eləmirik? Deməli, hər dəfə təzə bir saziş qəbul olunanda kim necə istəyir, elə də tərcümə edəcək? Xahiş elədim, qəbul etdiyimiz onlarla sənədlərdən birini mənə gətirdilər. Misal üçün, yazılıb “saziş”. Bu sənəd ona aid olan əlavələr, qoşmalar, eləcə də tərəflərin qarşılıqlı surətdə razılaşdıra və imzalaya biləcəkləri hər cür yazılı əlavələr deməkdir. “Termin” yazılmayıb ki? Biz onlarla belə sənəd qəbul etmişik. Biz bu sənədi,  təbii ki, qəbul edəcəyik. Mən əminəm ki, ingilis dilində hər şey düzgün yazılıb, ancaq  bizə təqdim edilən sənədlərin tərcüməsinə diqqət eləyək və təqdim edən qurumdan tələb edək ki, bizim qəbul edəcəyimiz sənədlərə düzgün və ciddi yanaşsınlar. Sağ olun.  
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən Valeh müəllimə izahına görə təşəkkür eləmək istəyirəm, bu çox vacib məqam idi. Bir də xahiş edirəm ki, mətbuat Duma ilə bağlı yazısına diqqət yetirsin və onu təkzib etməklə çap eləsinlər. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında iqtisadi əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən Valeh müəllimin dediyi ilə tamamilə razıyam. Çünki bu fikirlər bizdə də yaranmışdı, ancaq saziş təsdiq olunduğuna görə artıq iradlarımızı İqtisadiyyat Nazirliyinə, eləcə də Xarici İşlər Nazirliyinə bildirməyi məqsədəuyğun hesab edirik. Azərbaycan Respublikası ilə Portuqaliya Respublikası arasında bağlanan Saziş yenə də qeyd etmək istərdim ki, iki ölkə arasında bərabərlik, qarşılıqlıq və ümumi mənfəət prinsiplərinə əsaslanan faydalı iqtisadi əməkdaşlığı təşviq və inkişaf etdirmək məqsədi ilə hazırlanmışdır. Qısa bir sazişdir. Portuqaliya ilə iqtisadi əlaqələrimiz o qədər də yüksək deyil. Amma son araşdırmalar göstərir ki, bu iki ölkə arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün kifayət qədər müsbət imkanlar var. Ona görə, millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edirəm.  
Sədrlik edən. Təklif var, səsə qoyulsun. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, növbəti üç məsələ – 6-cı, 7-ci və 8-ci məsələlər cənab Prezidentin bir məktubu ilə daxil olub. Ona görə, icazə versəniz, həmin qanun layihələrini mən sizə məruzə edərdim. 6-cı məsələ  “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi”ndə dəyişikliklər edilməsidir. 7-ci məsələ isə “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə  dəyişikliklər edilməsi barədədir. Bu iki qanun layihəsinə edilən əlavə və dəyişikliklər redaktə xarakteri daşıyır. Bilirsiniz, bu qanunlar 1994-cü ildə qəbul olunub. Bizim 1995-ci ildə qəbul etdiyimiz Konstitusiyanın 93-cü maddəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi məhkəmə və icra hakimiyyəti orqanlarına  konkret tapşırıqlar verə bilmədiyinə görə, biz “müvafiq icra hakimiyyəti orqanları” ifadəsindən istifadə edirik. Ona görə redaktə xarakterli hesab olunur ki, hər iki qanun layihəsində konkret olaraq nazirliklərin və nazirlərin adları dəyişdirilərək “müvafiq icra hakimiyyəti”, yaxud “müvafiq icra hakimiyyətinin rəhbəri” ifadəsi işlədilir.
8-ci məsələdə isə söhbət Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında  Əsasnamə”də edilən dəyişiklikdən gedir. Həmin əsasnamənin 46-cı maddəsinin ikinci hissəsində “xüsusi rütbəyə malik olan Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının orta və böyük rəislər heyətindən olan” sözləri “Azərbaycan Respublikasının dövlət orqanlarında qulluq (xidmət) keçən” sözləri ilə əvəz edilir. Burada söhbət nədən gedir? Söhbət ondan gedir ki, zabit heyəti vəzifələrini tutmaq istəyən şəxslər həqiqi hərbi xidmətə daxil olarkən tutmaq istədikləri vəzifəyə uyğun gələn rütbədən artıq rütbə ala bilməzlər. Yəni əgər həqiqi hərbi xidmətə daxil olmuş şəxs mayor vəzifəsinə daxil olursa, ona polkovnik-leytenant rütbəsi verilə bilməz. Yəni tutduğu vəzifəyə uyğun olaraq hərbi rütbə ala bilər. Bu dəyişikliyin mahiyyəti bundan ibarətdir. Buyurun, Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Ziyafət müəllim, təşəkkür edirəm. Bu gün bizim müzakirə etdiyimiz qanun layihələrinin çoxunda dəyişikliklər texniki xarakterlidir. Ona görə təklif vermək istəyirdim ki, bəlkə biz, mümkünsə,  fasiləsiz işləyək, işimizi tez yekunlaşdıraq. Bir də qeyd etməliyəm ki, son illər, doğrudan da, Azərbaycan ordusunun gücləndirilməsi və yenidən qurulması istiqamətində  çox böyük işlər görülür. Bu çox təqdirəlayiq haldır, bunu qeyd eləmək lazımdır. Amma biz hər gün eşidirik ki, atəşkəs pozulur. Hazırkı reallıqlar ondan ibarətdir ki, Azərbaycan ordusu bu reallıqlar çərçivəsində atəşkəs pozulduğu təqdirdə dəqiq zərbələrlə Ermənistana ciddi itkilər verdirməlidir. Ermənistan müstəqillik əldə edəndən sonra əhalisinin düz 30 faizini itirib. Bu insanların 90 faizi ölkədən qaçır, ona görə ki, uşaqlarının başqa ölkənin ərazisində ölməsini istəmirlər. Mənim fikrimcə, bizim ordunun rəhbərliyi bu barədə ciddi düşünməlidir ki, atəşkəs pozulduqda düşmən əsgərlər Azərbaycan ərazisində öldürülsünlər. Bunu bir fikir kimi söylədim, diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun, başqa çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qüdrət müəllim, iclasın keçirilməsi ilə bağlı Siz təklif irəli sürdünüz. Əvvəla, deyim ki, bizim gündəliyimizdə xeyli məsələ, 27 məsələ var. Düzdür, bunların əksəriyyəti əlavə və dəyişikliklərdir, amma eyni zamanda, mahiyyət və məzmun etibarilə çox ciddi məsələlərdir, müzakirə tələb eləyən məsələlərdir. Bir də nəzərə alaq ki, biz yaz sessiyasına təzə başlamışıq, birinci gündən iclası yarımçıq qoymaq düzgün olmazdı. Ona görə mən hesab edirəm ki, bu gün biz bütün günü işləməliyik. Müzakirə olunan qanunlarla, 6-cı, 7-ci, 8-ci məsələlərlə bağlı başqa çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, İntizam nizamnaməsinə dəyişikliklər və əlavələrlə bağlı 6-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti 7-ci məsələyə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu paketə daxil olan 8-ci məsələyə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.56 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun, təşəkkür edirəm.
Növbəti məsələ “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsidir. Bu barədə Milli Məclis Sədrinin müavini Bahar xanım məlumat verəcək. Buyurun, Bahar xanım.
B.Muradova, Milli Məclis Sədrinin müavini, İnsan hüquqları komitəsinin sədri.
Təşəkkür edirəm, Ziyafət müəllim. Gündəliyimizin 9-cu məsələsi “İnformasiya əldə etmək haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Nəzərinizə çatdırmaq istəyirəm ki, bir sıra qanun layihəsinə dəyişikliklər bir paketdə daxil olub. Onlardan biri də haqqında söhbət gedən qanun layihəsidir. Bu dəyişikliklərin edilməsi Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında 2015-ci il 29 dekabr tarixli qanunun tətbiqi ilə əlaqədardır.
Bilirsiniz, bu yaxınlarda “Publik hüquqi şəxs haqqında” Qanun qəbul etmişik və o qanunun qüvvəyə minməsi və təsdiqi ilə bağlı adı çəkilən məcəllədə də dəyişikliklər edilib.
Burada üç istiqamətli dəyişikliklər edilir. Birinci dəyişiklik 9.1.2-ci maddədə və 56.3-cü maddədə “şəxslər” sözündən sonra “o cümlədən publik hüquqi şəxslər” sözlərinin əlavə edilməsidir. İkincisi 29.1-ci, 29.1.12-ci və 29.1.24-cü maddələrdə “şəxslərin” sözündən sonra “o cümlədən publik hüquqi şəxslərin” sözlərinin yazılmasıdır. Üçüncü düzəliş isə 37.1.10-cu maddədə “o cümlədən ictimai funksiyaları yerinə yetirən hüquqi” sözlərinin əvəzinə “həmçinin ictimai funksiyaları yerinə yetirən hüquqi və  (o cümlədən publik hüquqi)” sözlərinin verilməsidir. Məqsəd, əlbəttə, publik hüquqi şəxslərin informasiya əldə edilməsi sahəsindəki fəaliyyətinin tənzimlənməsidir. Hesab edirəm ki, bu dəyişikliklər də redaktə xarakterlidir və digər qanunun tətbiqi ilə əlaqədardır. Ona görə də bunun ətrafında ciddi müzakirələr açılmasına ehtiyac görmürəm. Hesab edirəm, səsə qoymaq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Başqa çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Bizim 3 dəqiqəmiz qalır, əgər biz başlasaq, onda fasilə vaxtından keçmiş olacağıq. Ona görə, gəlin, 4-ə qədər fasiləyə çıxaq, saat 4-də işimizi davam etdirərik. 

(FASİLƏDƏN SONRA)

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımıza davam edirik. Bir məktubla gələn məsələyə baxıldı. İndi mən təklif edirəm, o biri məsələləri 16-ya qədər bir-bir dinləyək, sonra səsvermə keçirərik. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə buyursun Rövşən Rzayev.
R.Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mütəmadi olaraq qanunvericiliyə uyğunlaşdırma ilə əlaqədar müxtəlif normativ hüquqi aktlara əlavə və dəyişikliklər edilir. Cənab Prezidentdən daxil olan Cinayət Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi hüquqi-texniki baxımdan qanunvericiliyin uyğunlaşdırılmasına xidmət edir. 2015-ci ilin sonlarında Milli Məclis tərəfindən “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Hazırda həmin qanunun tətbiqi ilə əlaqədar müəyyən normativ hüquqi aktlarda terminlərin ziddiyyəti yaranmışdır. Məhz bu səbəbdən Cinayət Məcəlləsinin 308-ci maddəsinin 3 və 4-cü bəndlərinə “o cümlədən publik hüquqi şəxslərin, həmçinin” sözləri əlavə edilir. Bununla “vəzifəli şəxslər” termininin dairəsi bir qədər də genişləndirilir.
Eyni zamanda, Cinayət Məcəlləsinin 99-5-ci maddəsində də müvafiq texniki dəyişikliklər edilməsi təklif edilir. Xüsusi müsadirə bu Məcəllənin 15-2-ci fəsli ilə deyil, 15-1-ci fəsli ilə tənzimlənir. Ona görə də “15-2” rəqəmi “15-1” rəqəmi ilə əvəz edilir.  Bu təklif mahiyyət etibarilə vacib və əhəmiyyətlidir. Hörmətli millət vəkillərindən xahiş edirəm ki, Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklərə səs versinlər.
Sədrlik edən. Sağ olun. Rövşən müəllim, 11-ci məsələ – İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə də buyurun, danışın, sonra müzakirə etmək istəyənlər yazıla bilərlər.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında baxılan məsələ cənab Prezident tərəfindən təklif edilən İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklərdir. Bu dəyişikliklər İnzibati Xətalar Məcəlləsinin ümumi hissəsinə aid olan və hüquqi-texniki baxımdan qanunvericiliyin uyğunlaşdırılmasına xidmət edən təklifdir.
2016-cı ilin 26 sentyabr tarixində ümumxalq səsverməsi ilə Konstitusiyanın  “Zərərin ödənilməsini tələb etmək hüququ” adlı 68-ci  maddəsi “Özbaşınalıqdan müdafiə və vicdanlı davranış hüququ” adlandırılıb, həmçinin maddəyə yeni bənd əlavə olunub: “Dövlət dövlət qulluqçuları ilə birlikdə dövlət qulluqçularının qanunazidd hərəkətləri və hərəkətsizliyi nəticəsində insan hüquq və azadlıqlarına dəymiş ziyana görə və onların təminatının pozulmasına görə mülki məsuliyyət daşıyır”. Bu bəndə əsasən insan hüquqlarına ziyan dəydikdə vəzifəli şəxslərlə yanaşı,  dövlət qurumları da məsuliyyət daşıyır. Konstitusiyaya edilən dəyişiklik və əlavələrlə yanaşı, bir daha xatırladım ki, 2015-ci ilin sonunda “Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikasının Qanunu da qəbul edilmişdir. Qeyd edilən yeni normalara əsasən İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi təklif olunur. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 5-ci maddəsində vəzifəli şəxslərin məsuliyyəti ilə yanaşı, dövlət qurumlarının da məsuliyyəti nəzərdə tutulur. 17-ci maddəyə vəzifəli şəxslərin məsuliyyəti ilə yanaşı, o cümlədən publik hüquqi şəxslərin məsuliyyətinin də əlavə edilməsi təklif olunur. Habelə İnzibati Xətalar Məcəlləsinin 288-ci maddəsinə “Fitosanitar nəzarəti haqqında” 2016-cı il  iyunun 14-də qəbul edilmiş dəyişikliklə bərabər müvafiq dəyişikliyin edilməsi təklif olunur. Təklif edilən layihəyə zərurət yarandığından həmkarlarımdan onların qəbul olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, 10–11-ci məsələləri müzakirə etməyə ehtiyac varsa, başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Yoxdur, onda davam edirik. 12–15-ci məsələlər İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinə aiddir. 12-ci məsələ, “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq hörmətli millət vəkilləri edilən dəyişikliklərin səbəbləri barədə kifayət qədər məlumat aldılar. “Müflisləşmə və iflas haqqında” Qanunda “Azərbaycan Respublikasının Mərkəzi Bankına” sözlərinin “publik hüquqi şəxslərə” sözləri ilə əvəz edilməsi təklif olunur. Çünki biz artıq Milli Məclisdə kifayət qədər qanun qəbul etmişik və bu qanunlarda müəyyən olundu ki, Mərkəzi Bankın bir çox funksiyaları yeni yaradılan palataya verilir və ona görə də bir sıra qanunlarda və o cümlədən də “Müflisləşmə və iflas haqqında” Qanunda müvafiq dəyişikliklərin edilməsi təklif edilir. Yəni “Mərkəzi Bank” sözləri “publik hüquqi şəxslər” sözləri ilə əvəz edilir.
“Publik hüquqi şəxslər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar olaraq Azərbaycan Respublikasının “Mühasibat uçotu haqqında” Qanununda da müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulmuşdur. Qanun layihəsində dövlət və bələdiyyə tərəfindən yaradılan tibb müəssisəsi, uşaq evləri sosial xidmət müəssisəsi, açıq və qapalı tipli xüsusi təlim-tərbiyə müəssisəsi, məktəbəqədər təhsil müəssisəsi, ümumtəhsil məktəbi, ilk peşə-ixtisas təhsili müəssisəsi, orta ixtisas təhsili müəssisəsi, ali təhsil müəssisəsi, xüsusi təhsil müəssisəsi və ailə tipli kiçik qrup evi publik hüquqi şəxslərin nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulduğu halda, həmin təşkilatlar kommersiya təşkilatları üçün milli mühasibat uçotu standartlarına və ya öz seçimlərindən asılı olaraq maliyyə hesabatlarının beynəlxalq standartlarına uyğun maliyyə hesabatlarını tərtib etmələri, bu təşkilatların nizamnamələrində sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq hüququ nəzərdə tutulmadığı halda, büdcə təşkilatları üçün milli mühasibat uçotu standartlarına uyğun maliyyə hesabatları tərtib etmələri üzrə müddəalar  öz əksini tapmışdır. Layihədə həmçinin publik hüquqi şəxs və ya təsərrüfat cəmiyyətinə malik olan hər hansı publik hüquqi şəxs hazırladığı maliyyə hesabatından əlavə olaraq, birləşdirilmiş (konsolidə edilmiş) maliyyə hesabatları tərtib etməli, habelə illik maliyyə hesabatlarını hesabat dövrü başa çatdıqdan sonra müəyyən edilmiş müddətdə yuxarı təşkilata təqdim etməlidir. Bütövlükdə bu qanun layihəsində publik hüquqi şəxs haqqında xüsusi maddə öz əksini tapacaq. Ona görə, millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Digər bir qanun layihəsi “Reklam haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədədir. Orada “təşkilatları” sözündən sonra “publik hüquqi şəxslər” sözlərinin əlavə edilməsi tövsiyə olunur. Nəhayət, “Qrant haqqında” Azərbaycan Respublikası Qanununda da “publik hüquqi şəxslər” sözlərinin əlavə edilməsi tövsiyə olunur. Bütövlükdə bu qanun layihələrinə edilən dəyişikliklər Azərbaycanda qanunvericilik bazasının təkmilləşməsinə xidmət edir. Ona görə də millət vəkillərindən bu qanun layihələrinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Bu dəyişiklikləri müzakirə etməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Nəhayət, bu zərfdən olan sonuncu məsələ, “Sosial sığorta haqqında” Qanunda dəyişikliklər edilməsi barədə Hadi Rəcəbli buyursun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Burada da, demək olar ki, həmin məsələlərdir. “Sosial sığorta haqqında” Qanunun 10-cu, 13-cü və 21-ci maddələrinə “publik hüquqi şəxslər” sözləri əlavə olunur. Yəni daha burada başqa bir məsələ yoxdur. Ona görə də düşünürəm ki, buna da səs vermək olar.
Sədrlik edən. Xahiş edirəm, indi növbə ilə məsələləri səsə qoyaq. 10-cu məsələ, Cinayət Məcəlləsində dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi barədə. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
12-ci məsələ, “Müflisləşmə və iflas haqqında” Qanunda dəyişiklik edilməsi barədə. Münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
13-cü məsələ, “Mühasibat uçotu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə. Münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
14-cü məsələyə, “Reklam haqqında” Qanunda dəyişiklik edilməsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Qrant haqqında” Qanunda dəyişiklik edilməsi barədə məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bu qəbildən olan qanunların sonuncusuna – “Sosial sığorta haqqında” Qanuna, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 17-ci məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Qanuna yeni maddə əlavə edilir. Maddənin adı “Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatı”dır. Aşağıdakı məzmunda 25.2-ci maddə əlavə edilir: “Daşınar əşyanın ipotekasının dövlət qeydiyyatına və əlavə dövlət qeydiyyatına alınması üçün 10 manat miqdarında dövlət rüsumu müəyyən edilsin”. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Aviasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Yenə buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bildiyimiz kimi, Azərbaycan Respublikası 1992-ci ildən Beynəlxalq Aviasiya Təşkilatının üzvüdür və Çikaqo Konvensiyasına qoşulub. Bu konvensiya ilə də dövlət öz üzərinə müəyyən öhdəliklər götürüb. Bu öhdəliklər də, əsasən, odur ki, həmin konvensiyada və onun əlavələrində olan bütün tələblər daxili normativ hüquqi aktlarda öz əksini tapsın. 2013-cü ildə həmin konvensiyaya yeni bir əlavə, 19-cu əlavə qəbul olunub. O əlavənin adı “Uçuşların təhlükəsizliyi” adlanır. Həmin  əlavə tələb edir ki, hər bir üzv dövlət mütləq qaydada uçuşların təhlükəsizliyi üzrə dövlət proqramını tərtib etsin. “Aviasiya haqqında” Qanunun həm 4-cü, həm də 42.1-1-ci maddələrində uçuşların təhlükəsizliyi üzrə dövlət proqramının qəbul edilməsi öz əksini tapıb. Təqdim olunan qanun layihəsində təklif olunur ki, həm konvensiyanın, həm onun yeni 19-cu əlavəsinin, həm də 10, 15 və 16-cı əlavələrin də əhəmiyyət kəsb etdiyi nəzərə alınaraq qanun layihəsində təklif olunan dəyişikliklər öz əksini tapsın. Millət vəkillərindən bu vacib qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Çox sağ olun, cənab Sədr. Mən bu dəyişikliyə, sözsüz ki, səs verəcəyəm. Amma, Oqtay müəllim, çox istərdim ki, Siz AZAL-ın rəhbərliyi ilə bir məsələni müzakirə edəsiniz, bu çox vacib bir məsələdir. Bir neçə gün bundan qabaq mənim çox yaxın tələbə dostlarımdan biri Bakıdan AZAL-a məxsus təyyarə ilə Türkiyəyə uçub və Türkiyədə elə olub ki, aeroportda düşəndən sonra geri qayıtmalı olub. Həmin təyyarə ilə geri qayıtmaq üçün kassaya yaxınlaşıb bilet istəyib, deyiblər, bilet yoxdur, yalnız 16.05-də Türk Hava Yolları ilə uçmaq üçün sənə bilet verə bilərik, özü də 325 dollara, halbuki buradan gedəndə bizim AZAL-dan 220 manata bilet alıb. Sonra oradan Bakıda bilet aldığı adama zəng edib ki, bəlkə sən mənə bilet təşkil edə bilərsən, mən 16.05-ə qədər gözləməyim. O da deyib ki, problem yoxdur, yaxınlaş, mən buradan elektron bilet yazacağam, uç gəl. Həmin adam təyyarəyə minəndən sonra görüb ki, içəridə xeyli boş yer var.
İndi bizim AZAL-ın rəhbərliyi Türkiyə tərəfi ilə əlaqə saxlamalıdır ki, siz bizimlə düşmənçilik edirsiniz? Bu qədər boş yer ola-ola, niyə bilet satmırsınız? Deyirsiniz ki, hökmən Türk Hava Yolları ilə saat  16.05-də uçmalısan, özü də 325 dollara. Mən hesab edirəm, bu məsələ xırda məsələ deyil, münasibətlərimizə də uyğun gəlmir. Çünki iki şirkət – Azərbaycan Hava Yolları ilə Türk Hava Yolları əməkdaşlıq edir. Bu, kifayət qədər ciddi məsələdir, bu məsələ araşdırılmalıdır. Həmin şəxs deyir ki, mən təyyarəyə minəndən sonra orada rəsmi kitaba da yazdım ki, mənə bilet satmadılar. Ona görə, yeri gəlmişkən, bu məsələni də qaldırdım. Oqtay müəllim, xahiş edirəm ki, bu məsələni diqqətdə saxlayın, araşdırın.
Sədrlik edən. Sağ olun. Bu söhbətlər birinci dəfə deyil, ancaq bu, AZAL-ın günahı deyil, zəng edib, zəng edən kimi AZAL-dan bilet alıb, o biri də səviyyəsiz adam olub ki, öz biletlərini satmaq üçün belə təklif edib. Buna baxarıq. Başqa?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti iki məsələ də bir məktubla daxil olub. Biri Gömrük Məcəlləsində dəyişikliklər edilməsi barədədir, digəri Gömrük tarifi haqqındadır. Ziyad müəllim, bunları bir yerdə təqdim edin, ayrı-ayrı səsə qoyarıq. 
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Sədr, artıq Siz qeyd etdiniz, “Gömrük tarifi haqqında” Qanunda və Gömrük Məcəlləsində edilən dəyişikliklər həmin qanunları “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Azərbaycan Respublikasının 2016-cı il 31 may tarixli 261-VQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə hazırlanmışdır. Hər 2 qanun layihəsində təklif edilir ki, rüsumlar “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” Qanunda nəzərdə tutulduğu hallarda tətbiq olunsun. Burada dəyişiklik ancaq bundan ibarətdir. Bu uyğunlaşmadır və millət vəkillərindən də bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Bu, qəbul etdiyimiz qanuna uyğunlaşdırma qanunudur. 19-cu məsələyə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
20-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.25 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 21-ci məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Qanun layihəsi Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 20 aprel tarixli Fərmanı ilə “Lisenziyalar və icazələr haqqında” Qanunun qüvvəyə minməsi və həmin qanunun tətbiqi ilə əlaqədar hazırlanmışdır. Layihədə sahibkarlıq fəaliyyətinin stimullaşdırılması, onun üçün əlverişli biznes   mühitinin yaradılması və habelə sahibkarların ilkin maliyyə vəsaitlərinin formalaşdırılması məqsədi ilə lisenziya verilərkən dövlət rüsumunun məbləğləri 2 dəfə aşağı salınmışdır. Qeyd etmək lazımdır ki, respublikada lisenziyaların sayı əvvəllər 59 idisə, 2015-ci ildə qəbul edilmiş qanundan sonra 39-a endirilmişdir.  Eyni zamanda, lisenziyalar 90-dan çox vahid dövlət orqanı tərəfindən verilir ki, bu da sahibkarlar tərəfindən müsbət qarşılanmışdır.
Bu dəyişikliklərdən bir neçəsini qeyd etmək istərdim. Belə ki, əvvəllər dərman vasitələrinin satışı ilə məşğul olan, başqa sözlə, apteklərdə lisenziyalar alınması üçün 5500 manat dövlət rüsumu müəyyən edilmişdisə, artıq dəyişikliklərdən sonra dərman vasitələrinin pərakəndə satışı üçün 1000 manat dövlət rüsumu müəyyən edilmişdir. Bundan başqa, məktəbəqədər təhsil müəssisələrində dövlət rüsumu 2500-dən 1250 manata, baytarlıq preparatlarının istehsalı  ilə məşğul olanlar üçün lisenziyalara görə dövlət rüsumunun məbləği 3 mindən 1500 manata endirilmişdir. Həmçinin layihədə bir sıra maliyyə xidmətləri göstərən publik hüquqi şəxslər tərəfindən nəzarət edilən dövlət rüsumlarının,  lisenziyalaşdırılan fəaliyyət növlərinə görə dövlət rüsumlarının da tam məbləğdə dövlət büdcəsinə ödənilməsi nəzərdə tutulmuşdur. Bütövlükdə qanun layihəsi sahibkarlar tərəfindən və xidmətə ehtiyacı olan insanlar tərəfindən müsbət qarşılanıb. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layhəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 22-ci məsələ “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Qiymətli kağızlar bazarı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihəsi “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının 2016-cı il  24 iyun tarixli Qanununun tətbiqi ilə əlaqədar olaraq hazırlanmışdır. Təklif olunur ki, 23.1-ci maddə yeni redaksiyada verilsin, 91.1-ci maddə isə ləğv edilsin. Təklif  edilən yeni redaksiya ondan ibarətdir ki,  investisiya qiymətli kağızları sənədli və ya sənədsiz olmaqla adi formada buraxılır.  Sənədli investisiya qiymətli kağızlarının sənədsiz investisiya qiymətli kağızlarına çevrilməsi mərkəzi depozitarda həyata keçirilir. 
91.1-ci maddə isə tamamilə ləğv edilir. Həmin maddənin adı “Keçid müddəalar”dır. Millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək. 


Səsvermənin nəticələri (saat 16.30 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 23-cü məsələ “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Buyursun Rafael Hüseynov.
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli Məclis, bir xalqın milli kimliyinin təyinində, onun tarix içərisindəki yolunun aydın təsəvvür edilməsində tarix və mədəniyyət abidələrinin müstəsna əhəmiyyəti var. Səbəbsiz deyil ki, 1969-cu ildə Azərbaycan Respublikasına rəhbərlik etməyə başlayan ulu öndər Heydər Əliyev o zaman ölkənin saysız-hesabsız problemlərlə üz-üzə olmasına baxmayaraq, ilk imzaladığı sənədlərdən biri Azərbaycanda tarix və mədəniyyət abidələrinin siyahıya alınması oldu. Azərbaycan dövlətinin tarix və mədəniyyət abidələrinə qayğıkeşlik ənənəsi o vaxtdan bu vaxta davam edir və cənab Prezidentin imzası ilə müzakirəmizə daxil olan yeni sənəd də həmin xəttin davamıdır.   
“Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə təqdim edilən layihə həmin qanunun bütövlükdə təkmilləşdirilməsini və konkret olaraq 12-ci maddəsinin bir az da dəqiqləşdirilməsini nəzərdə tutur. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunun 13-cü maddəsi “İnşaat və digər təsərrüfat işləri görülərkən aşkar edilən abidələrin qorunması” adlanır. Orada ümumən inşaat və digər təsərrüfat işləri görülərkən üzə çıxan tarix və mədəniyyət abidələrinin qorunması nəzərdə tutulmuşdu. Həmin maddə belə səslənirdi: “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı,  bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməlidir”. İndi təklif olunan layihədə bu maddə bir qədər də dəqiqləşdirilir və artıq konkret müddət qoyulur. Yeni layihədə düzəlişdən sonra 13-cü maddənin ilk bəndi belə səslənir: “İnşaat və digər təsərrüfat işləri görülərkən abidə aşkar edilərsə, dərhal işlər dayandırılmalı, bu barədə müvafiq icra hakimiyyəti orqanlarına və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi elmi təşkilata məlumat verilməli, həmin orqanlar və elmi təşkilat tərəfindən iki ay müddətində bu qanunla nəzərdə tutulmuş tədqiqatlar aparılmalı və digər tədbirlər görülməlidir.” Düşünürəm ki, bu, Azərbaycanda tarix və mədəniyyət abidələrinə, keçmişimizə qayğının qanun çərçivəsində daha bir təsdiqinin ifadəsidir. Ona görə də mən həmkarlarımızı cənab Prezidentin imzası ilə daxil olmuş bu sənədə səs verməyə dəvət edirəm.  
Sədrlik edən. Sağ olun. Buyursun Ülviyyə Həmzəyeva.
Ü.Həmzəyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Qanunda dəyişikliklərlə bağlı qanun layihəsinə, təbii ki, səs verəcəyəm. Lakin bir məsələyə münasibət bildirmək istərdim. Son keçirilən komitə iclasından sonra komitə sədri Rafael müəllimlə milli geyimlər haqqında dialoqumuz oldu. Bu barədə Mədəniyyət komitəsində qanun layihəsinin hazırlandığını da öyrəndim. Bu mövzu üzrə bir balaca araşdırma edərkən xarici internet saytlarında rus, ingilis dillərində dərc olunmuş “Erməni milli geyim bayramı Dağlıq Qarabağda” adlı məqaləyə rast gəldim. Oxudum, orada dərc olunmuş fotoşəkillərə baxdım, videoçarxı izləyərkən sözügedən bu bayramda Azərbaycanın milli geyimlərində və baş örtüklərində olan naxışlarımızı gördüm. Milli musiqimizin  sədaları altında  doğma torpaqlarımızda keçirilən bu bayram mənə bir incəsənət adamı kimi həddindən artıq çox ağır gəldi. Araşdırma edərək öyrəndim ki, Moldova, İspaniya və bir sıra digər ölkələrin parlamentlərində milli geyimlə əlaqədar məsələlər müzakirə olunaraq  müəyyən qanun qəbul edilmişdir. Həmin qanuna uyğun olaraq həmin ölkələrdə milli geyim günü də qeyd olunur.  
Azərbaycanın öz gözəl milli bayramları, milli musiqisi, tarixi abidələri, bir sözlə, öz adət-ənənələri, qədim və zəngin mədəniyyəti vardır, lakin zaman-zaman oğurlanaraq təhrif olunur. Digər  türkdilli ölkələrin bir çoxunda milli geyim mədəniyyəti qorunub saxlanılaraq nəinki  toy-büsat zamanı, habelə məişətdə də istifadə olunur, yəni unudulmur.
Keçən il hörmətli Prezidentimizin qonaqları milli geyimdə qəbul etməsi məni çox qürurlandırdı. Mən milli geyimlərimizin  ər kişilərimizə nə qədər yaraşacağı barədə fikirləşirdim. Çox istərdim, bizim parlamentimizdə də milli geyimlə əlaqədar müəyyən sənəd hazırlanardı və bununla da Azərbaycanda milli geyimlərimizin unudulmaması, gələcək nəsillərə ötürülməsi üçün zəmin yaradılar, Azərbaycanda milli geyim gününün təsis edilməsi barədə təşəbbüs qaldırılardı. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Çox sağ olun, Ülviyyə xanım. Bizim bədnam qonşularımızın oğurluğundan danışırsan. Onlar öyrəniblər. Vaxtilə  Puşkinin bir sözü var idi: “Ты вор, ты трус, ты армянин”. Oğru ləqəbi onların üstündədir.  Onlar həmişə bununla məşğul olublar.  O ki qaldı milli geyimlərə, mən razıyam. Bir çox ölkələrdə, məsələn, Avstriyada milli geyim rəsmi dress-kod səviyyəsindədir. Bu haqda fikirləşmək olar. Mədəniyyət komitəsi var, işləyin, baxaq görək, nə alına bilər. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.36 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
24-cü məsələ Azərbaycan Respublikasının 2001-ci il 29 iyun tarixli 168-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”də dəyişikliklər edilməsi barədədir. Buyursun Rövşən Rzayev.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə” Daxili İşlər Nazirliyi sisteminin digər orqan və hissələrində xidmətkeçmənin qaydalarını və şərtlərini, bu orqanların vəzifəli şəxslərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir.  Qeyd etməliyəm ki, daxili işlər orqanlarında xidmətkeçmə dövlət qulluğunun xüsusi növüdür. Daxili işlər orqanları əməkdaşları qarşısında dövlət əhəmiyyətli xüsusi mühafizə vəzifələri qoyulur. Ona görə də bu orqanlarda xidmətkeçməyə məsuliyyətli, peşəkar və vətənpərvər Azərbaycan vətəndaşları cəlb edilir. Bildiyiniz kimi, ictimai təhlükəsizliyin təmin edilməsi xüsusi fədakarlıq və yüksək əxlaqi dəyərlər tələb edir və bizim polis orqanları bu tələblərə cavab verir.
Cənab Prezidentin imzası  ilə daxil olan əsasnaməyə təklif olunan dəyişikliklərə dair layihədə iki məsələ nəzərdə tutulur. Birincisi əsasnamənin 17 və 135-ci maddələrindən “ləyaqətsiz” sözünün çıxarılaraq  “daxili işlər orqanları əməkdaşının adına ləkə gətirən hərəkət etdikdə” sözləri ilə əvəz  edilməsidir. Bu dəyişiklik normativ aktın terminoloji keyfiyyətinə xidmət edəcək. Digər təklif isə daxili işlər orqanlarında pensiya yaşına çatmış polis əməkdaşlarının xidmət müddətinin artırılması şəraitini tənzimləyən siyahının genişləndirilməsini nəzərdə tutur. Belə ki, xidmət müddətinin artırılmasının o cümlədən kiçik rəis heyəti vəzifəsinə də aid edilməsi təklif olunur. “Daxili işlər orqanlarında xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişikliklərin edilməsi barədə layihə məqsədəmüvafiq hesab olunur və onu səsə qoyub təsdiq etməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.39 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, bugünkü  gündəliyin son üç məsələsi də bir zərflə daxil olub. Burada əsas dəyişikliklər narkotik maddələrin əkilməsi və miqdarı haqqında olan dəyişikliklərdir. Rövşən müəllim, üç qanunu dalbadal təqdim edin, sonra ayrı-ayrı səsə qoyarıq. 25-ci məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqındadır.  Buyurun.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Bu, Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıları”nın yeni redaksiyada verilməsi təklifi ilə bağlıdır. Yeni redaksiyada verilən siyahıda tərkibində narkotik maddələr olan bitkilərin külli miqdarda ölçü vahidi ilə yanaşı, xeyli miqdarda ölçü vahidi də göstərilir. Ümumilikdə tərkibində narkotik maddələr olan bitkilərin qanunsuz  kultivasiya hallarının cinayət və ya xəta  baxımından tövsif olunması  problemləri yaranırdı. Ona görə ki, həmin bitkilərin kultivasiya və o cümlədən külli miqdarda kultivasiyasına görə cinayət məsuliyyəti İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsinə əsasən müəyyən edilirdi. Satış məqsədi olmadan tərkibində narkotik maddələr olan bitkilərin şəxsi istehlak miqdarının kultivasiyasına görə inzibati məsuliyyət nəzərdə tutulurdu. Belə halda cinayət məsuliyyətini yaradan əməllərin birinci, xeyli miqdarda və ikinci, külli  miqdarda  tərkibinin tövsif edilməsi də çətinlik yaradırdı. Məhz bu səbəbdən yeni redaksiyada verilən siyahı ilə yanaşı, Cinayət və İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə dəyişikliklərin  edilməsi təklif olunur.
İnzibati  Xətalar Məcəlləsinin 208-ci maddəsinin yeni redaksiyasında təklif edilir ki, “bitkilərin az miqdarda kultivasiyası” anlayışı verilsin. Cinayət Məcəlləsinin  237-ci maddəsinin dispozisiyası ilə məntiqi olaraq xeyli miqdarda və külli miqdarda kultivasiya etməyə görə cinayət tərkiblərinin fərqləndirilməsi təklif olunur. Bu maddənin hazırkı 237.1-ci  hissəsinin redaksiyasında göstərilən dispozisiya mahiyyət etibarilə İnzibati Xətalar Məcəlləsinin 208-ci maddəsində göstərilən dispozisiyanı təkrar edir. Yeni təklif olunan dəyişikliklər isə siyahı ilə müəyyən edilən, tərkibində narkotik maddələr olan bitkilərin xeyli miqdarda və külli miqdarda kultivasiya edilməsi üçün ölçü vahidinin yaradılmasına və onların müvafiq qaydada məsuliyyətinin müəyyən olunmasına xidmət etmiş olacaqdır. Təklif edilən layihə narkotiklərin dövriyyəsi ilə mübarizə sahəsində əhəmiyyətli addımdır. Mən həmkarlarımı layihəni dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Əgər müzakirələrə ehtiyac yoxdursa, onda, xahiş edirəm, 25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
26-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti sonuncu, 27-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.44 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü iclasımız sona çatdı. Ancaq hörmətli millət vəkilləri, mənim sizdən bir xahişim var. İndi fikir verirəm, günün birinci yarısında Milli Məclisdə iştirak edən Milli Məclis üzvlərinin sayı ilə günün ikinci yarısındakı sayı düz gəlmir. Vacib iş olanda icazə alarlar, xəbər verərlər, gedərlər. Bizim iş yerimiz Milli Məclisdir. Nəyə görə biz axtarmalıyıq ki, kim var, kim yoxdur. Günün ikinci yarısında biz qeydiyyat keçirək? Mən bir də bu haqda danışmaq istəmirəm. Xahiş edirəm, bir az diqqətli olaq, bir-birimizə hörmət edək. Ayda 3–4 dəfə Milli Məclisin iclası olur. Biri deyir, mənim filan yerdə işim var idi, digəri deyir, mənim görüşüm var idi. Görüş yeri buradır, sən Milli Məclisin iclasında olmalısan. Özün seçilmisən buraya, səni zorla seçən olmayıb. Gəl, xahiş edirəm, iclasda iştirak et. Elə edək ki, bu məsələlərə bir daha qayıtmayaq. Çox sağ olun. 

   
 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi