2016-ci il 8 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
V SESSİYASI İCLASININ

PROTOKOLU № 30

Milli Məclisin iclas salonu.
8 dekabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 98
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Səlim Müslümov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Emin Hüseynov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Zakir Babayev, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktoru.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Firsənd Qurbanov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Mehriban  Əlişanova, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

1. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Hadi Rəcəbli,  Səlim Müslümov, Fazil Mustafa, Rafael Cəbrayılov, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Məlahət İbrahimqızı, Bəxtiyar Əliyev, Siyavuş Novruzov, Zahid Oruc, Qənirə Paşayeva

2. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyad Səmədzadə, Əli Məsimli, Rəşad Mahmudov, Aydın Hüseynov

3. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli

4. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Firudin Hacıyev


5. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Vüqar Gülməmmədov

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV


 

MİLLİ MƏCLİSİN İCLASI

8  dekabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri. Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 98
Yetərsay 83

Çox sağ olun, yetərsay var, iclasımıza başlaya bilərik.
Bugünkü iclasın gündəliyində 5 məsələ var. Birinci məsələ Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında qanun layihəsidir.  Buyurun, Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri, hörmətli media nümayəndələri, xanımlar və cənablar! Hər ilin payız sessiyası dövlətin ali maliyyə qanununun – dövlət büdcəsinin müzakirəsi ilə yaddaşlarda qalır. Bu ilin dövlət büdcəsi əvvəlki illərdən bir neçə səbəbə görə fərqlidir. Bunun biri neft erasından sonrakı dövrdə dünya bazarlarında enerji daşıyıcılarının qiymətinin aşağı düşməsi, ölkədə bu məhsulun istehsalının azalması ilə bağlıdırsa, digəri respublikamızda ciddi struktur, iqtisadi, maliyyə islahatları aparılması ilə əlaqədardır.
Büdcə gəlirlərinin hiss olunan dərəcədə aşağı düşməsi, investisiya və digər istiqamətlərdə yatırımların azalması, büdcə kəsirinin yaranması, nə edəsən ki, 2008-ci ildən başlayan dünya böhranının nəticələri kimi bizə də gəlib çıxdı və biz də bunu hiss etməyə başladıq. Bütün bunlara baxmayaraq, artıq 2 ildir ki, büdcəmizdə sosial sahələrə, sosial müdafiə məqsədlərinə ayrılan vəsait azalmır, hətta bəzi maddələr üzrə artım da hiss olunur.
Ölkədə geniş miqyas almağa başlayan struktur islahatlarından biri də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2016-cı il 18 mart tarixli “Əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Fərmanına əsasən Dövlət Sosial Müdafiə Fondunun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyinə verilməsi faktıdır. Bu öz növbəsində çevik əmək və sosial müdafiə siyasəti aparılmasında, elektron hökumət elementlərinin artırılmasında, ünvanlılığın dəqiqləşdirilməsində xüsusi rol oynadı.
Uçotda pərakəndəliyin aradan qaldırılması üçün burada “bir pəncərə” sistemi faydalı oldu. Belə ki, bu strukturda işçilərlə işəgötürənlər arasında əmək müqavilələrinin və sığorta yığımının statistikasının bir yerdə birləşməsi daxilolmaların obyektiv uçotuna və nəticədə artmasına gətirib çıxardı. İdarəetmə sistemindəki bu islahatlar ştatlardan səmərəli istifadə olunmasına və bu sahədəki xərclərin qismən azalmasına xidmət etdi. Onu da vurğulamağı özümə borc bilirəm ki, bütövlükdə passiv sosial müdafiə sistemi nazirliyə birləşmiş sosial müdafiə fondu bölümündə cəmləşdi.  Eyni zamanda, bürokratik əngəllərin, süründürməçilik və neqativ halların qarşısı kəskin surətdə azaldı.
Hörmətli deputat həmkarlarım, müzakirənizə çıxarılan büdcədə bir sıra diqqəti cəlb edən məqamlara toxunmaq istərdim. Gələn il Dövlət Sosial Müdafiə Fondunun büdcəsi 3,4 milyard manat təşkil edəcək ki, bu da ötən ilin müvafiq büdcəsindən təxminən 100 milyon manat çoxdur. Artım, əsasən, dövlət sosial sığorta haqlarının yığımı hesabına nəzərdə tutulmuşdur. Belə ki, 2017-ci ilin proqnozları 2015-ci ilin icra olunmuş mədaxil göstəricilərindən 12,7 faiz çoxdur. Təqdirəlayiq haldır ki, fondun büdcədən asılılığı ilbəil azalır. Əgər 2012-ci ildə Dövlət Sosial Müdafiə Fonduna dövlət büdcəsindən transfert 42 faiz təşkil edirdisə, gələn il  bu rəqəm 37,4 faiz nəzərdə tutulur.
Artıq bir neçə müddətdir ki, pensiyalarla bağlı mövcud hüquqi bazanın beynəlxalq konvensiyalara, dünya təcrübəsinə, mövcud reallıqlara uyğun olaraq yenidən hazırlanması prosesi gedir. Düşünürəm ki, qanunun yeni variantda işləməsi Dövlət Sosial Müdafiə Fondunun büdcəsində ehtiyat mənbələri yaradacaq, vəsaitlərdən daha səmərəli və ədalətli istifadə olunmasına xidmət edəcəkdir.
Layihənin müsbət məziyyətlərindən biri də pensiyaların təkcə sığorta hissəsinin deyil, bütövlükdə məbləğin indeksasiya edilməsidir. Bu da nəticədə hiss olunan artıma gətirib çıxara bilər. Gəlirləri təsnifatlandırarkən bir sıra məqamların yenidən çözülməyə ehtiyacı olduğunu nəzərinizə çatdırmaq istəyirəm.
Qeyri-büdcə bölümü üzrə sosial sığortaya cəlbetmə illərlə artsa da, fiziki şəxslərdən yığım əmsalı son 5 ildə ümumi həcmin 1,6 faizini hələ də keçə bilməmişdir. Nəzərə alsaq ki, ölkəmizdə əmək tutumlu iş yerlərinin açılmasına, kənd təsərrüfatı və turizmin inkişafına, eyni zamanda, özünüməşğulluğa geniş vüsət veriləcək, nəticədə bu istiqamətdə böyük ehtiyat mənbələri yaranacaqdır.
Bir məsələyə də diqqət yetirək. İndiki maliyyə çətinlikləri dövründə büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri hesabına da sığorta məbləğlərini artırmaq mümkündür. Proqnozlarda bu illə müqayisədə gələn ilə həmin mənbədən təxminən 2 dəfədən artıq yığım məbləği nəzərdə tutulub. Daha bir ehtiyat mənbəyi debitor borclarla aparılan işin yaxşılaşdırılması tələbidir. Son illər debitor sığorta borclarının artması və bu mənbənin bilavasitə qeyri-dövlət bölümündə özünü bariz şəkildə göstərməsi faktoru göz önündədir. Hazırda mövcud hüquqi bazanın bu borcların qaytarılmasına xidmət edən müddəaları olsa da, düşünürəm ki, debitorlara qarşı sanksiyaların daha da gücləndirilməsinə və nazirliyə daha ciddi inzibati cəzalar tətbiq etmək imkanları yaradılmasına ehtiyac vardır.
Hörmətli xanımlar və cənablar, deputat həmkarlarım! Fondun xərclərinin təxminən 95 faizini hər il olduğu kimi, yenə də əmək pensiyalarının ödənişi qrafasındakı rəqəmlər təşkil edir. Bu göstərici ötən illə müqayisədə 7,7 faiz çoxdur. Onu da qeyd etməyi vacib sayıram ki, ölkədə gözlənilən orta yaş həddinin artması və əhalinin sayının çoxalması səbəbindən pensiyaçıların 1 milyon 320 min nəfər olacağı proqnozlaşdırılır. Bu da cari illə müqayisədə 20 min nəfər çoxdur. Buna baxmayaraq, ölkə üzrə orta aylıq pensiyanın məbləği təxminən 8 faiz artırılaraq 203 manata çatdırılacaqdır.
Gələn ilə fondun vəsaiti hesabına ilk dəfə vətəndaşların hər birinə işsizliyə görə veriləcək müavinətin artırılacağı gözlənildiyindən ümumi məxaric məbləğinin bu maddəsinin 2015-ci illə nisbətdə 3 dəfə artması gözlənilir.
Bu ayın 1-də 5 komitənin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri hörmətli Səlim Müslümovun təqdim etdiyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun əhatəli, əsaslandırılmış, müqayisəli büdcəsi müzakirə edildi. Layihə deputatlar tərəfindən diqqətlə dinlənildi. Sənədin bugünkü reallıqlara cavab verdiyi, qismən gərgin olduğu bir daha vurğulandı. Deputatlar dünyada baş verən qlobal böhran və hazırkı sosial-iqtisadi reallıqlar baxımından ölkə başçısı möhtərəm Prezidentimiz İlham Əliyevin sosial müdafiə istiqamətli addımlarını yüksək qiymətləndirdilər.
Hörmətli deputat həmkarlarım, əminik ki, fondun kollektivi qarşıya qoyulacaq vəzifənin öhdəsindən layiqincə gələcək, vətəndaşların sosial müdafiəsinin daha da gücləndirilməsi işinə xidmət edəcəklər. Odur ki, sizdən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gələn il üçün nəzərdə tutulan büdcəsinin təsdiq olunmasına səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Dövlət Sosial Müdafiə Fondunun sədri hörmətli Səlim Müslümov, buyurun.
S.Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyevin uzaqgörən sosial-iqtisadi siyasəti və hərtərəfli islahatlar strategiyası qlobal miqyasdakı siyasi, sosial və iqtisadi kataklizmlərdən qaynaqlanan ciddi çətinliklərin Azərbaycana təsirlərini azaltmaqla yanaşı, ölkənin əsas iqtisadi və sosial proqramlarının uğurla  icrasını təmin etməkdədir. Hazırda Azərbaycan Respublikası Prezidentinin ölkənin sosial müdafiə sistemi qarşısında qoyduğu başlıca vəzifələr əhatəliyin maksimum dərəcədə artırılması, səmərəliyin yüksəldilməsi, ünvanlığın və şəffaflığın tam təmin edilməsidir. 
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qeyd olunan hər 3 vəzifənin yerinə yetirilməsi üçün hazırda çox ciddi tədbirlər görülməkdədir. Belə ki, Dünya Bankının hesablamalarına görə ölkənin sosial müdafiə sistemi geniş əhatəliyə malikdir və yoxsulluğun azaldılmasında mühüm rol oynamaqla yanaşı, yoxsul sayıla biləcək əhalinin 90,1 faizini əhatə edir və bu sistem vasitəsi ilə ödənilən pensiyalar, müavinətlər və sosial yardımlar həmin əhali təbəqəsinin  gəlirlərinin artırılmasında son dərəcə mühüm rol oynayır. Hazırda ölkədə sosial müdafiə sistemi vasitəsi ilə hər ay 1 milyon 312 min nəfər əmək pensiyası, 506 min nəfər sosial müavinətlər, 162 min ailənin 707 min nəfər  üzvü isə ünvanlı sosial  yardım alır. Bu insanlara Dövlət Sosial Müdafiə Fondunun yerli orqanları vasitəsi ilə hər ay təqribən 316 milyon manat vəsait ödənilir.
Son dövrlərdə sosial müdafiə sisteminin fəaliyyətinin avtomatlaşdırılması istiqamətində atılan addımlar, yəni əmək müqavilələrinin elektron qeydiyyatı sisteminin, eləcə də avtomatlaşdırılmış ünvanlı sosial yardım, əlillik və pensiya təyinatının formalaşdırılması ünvanlıq və şəffaflıq prinsiplərinin təmin olunmasında həlledici rol oynamaqla vəsaitlərin istifadəsində səmərəliyin artırılması vəzifəsini də yerinə yetirməyə imkan vermişdir.  Belə bir şəraitdə Dövlət Sosial Müdafiə Fondunun yeni reallıqlara uyğun, gərgin və balanslaşdırılmış büdcəsinin tərtibi növbəti ildə əmək pensiyaçılarının rifahının gücləndirilməsinə yönələcək səmərəli sosial müdafiə tədbirləri üçün adekvat maliyyə təminatının formalaşdırılmasını təmin etməklə yanaşı, bütövlükdə ölkədə sosial öhdəliklərin icrası baxımından mühüm əhəmiyyət kəsb edir. 
Fondun 2017-ci il büdcəsinin layihəsi cari  ilin keçən dövründə ölkə iqtisadiyyatının inkişaf meylləri və növbəti illərdə sosial-iqtisadi  inkişafın əsas proqnozları, 2015 və 2016-cı illərin ötən dövrü üzrə fondun büdcəsinin icrası vəziyyəti, 2016-cı ildə əhalinin gəlirləri və məşğulluq göstəriciləri, demoqrafik inkişaf trendləri, həmçinin sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi nəzərə alınmaqla tərtib edilmişdir.
İcazənizlə, mən onların hər üçü barədə sizə qısa məlumat vermək istəyirəm. Cari ilin yanvar-oktyabr aylarında  ölkə iqtisadiyyatının inkişafının  bəzi göstəricilərini qeyd etmək istərdim. Əhalinin nominal gəlirləri 8,7 faiz artaraq 36,6 milyard manata, adambaşına düşən gəlirlər 7,5 faiz artaraq 3804,5 manata çatmışdır. Yanvar-sentyabr aylarında bir işçiyə hesablanmış orta aylıq əmək haqqı 6,4 faiz artaraq 490,5 manat təşkil etmiş, istehlak qiymətlərinin indeksi 2015-ci ilin müvafiq dövrünə nisbətən 11,6 faiz səviyyəsində olmuşdur. 
2016-cı il 1 noyabr tarixinə muzdla işləyənlərin orta sayı 1 milyon 516,4 min nəfər, iqtisadiyyatda sərbəst məşğul olanların sayı isə 3 milyon 215,7 min nəfər təşkil etmişdir.
2016-cı ilin 11 ayı ərzində fondun büdcəsinin gəlirləri keçən ilin müvafiq dövrünə nisbətən 9 faiz və ya 235  milyon manat artaraq 2,9 milyard manata çatmışdır. Bu dövrdə məcburi dövlət sığorta aktları üzrə daxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4 faiz və ya 103 milyon manat artaraq 1,7 milyard manat təşkil etmişdir. Qeyri-büdcə sektorundan daxilolmalar sosial sığorta aktlarının 64 faizini və ya 1 milyard 87 milyon manatını təşkil etmişdir ki, bu da əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,3 faiz və ya 54,5 milyon manat yuxarıdır.
Hesabat dövründə daxilolmaların səviyyəsi fondun xərclərinin 98,2 faizini təşkil edən pensiya və müavinətlərin vaxtında maliyyələşdirilməsinə şərait yaratmışdır. Cari ilin yanvar-noyabr aylarında fondun əmək pensiyaları üzrə xərcləri 2,78 milyard manat təşkil edərək ötən ilin müvafiq dövrünə nisbətən 216 milyon manat və ya 8,4 faiz çox olmuşdur. Sosial sığorta müavinətləri üzrə ödənişlərin məbləği keçən ilin 11 ayı ilə müqayisədə 15 milyon manat artaraq 82 milyon manata çatmışdır.
Apardığımız aktual hesablamalara əsasən 2017-ci ildə demoqrafik inkişaf trendləri, əhalinin məşğulluğunu və sosial vəziyyətini səciyyələndirəcək göstəricilər, eləcə də sığorta-pensiya sisteminin əsas parametrlərinin dəyişməsi aşağıdakı kimi gözlənilir: doğulanların sayı gələn il təqribən 159  min nəfər, ömür uzunluğu 75,2 (qadınlar üzrə 77,6, kişilər üzrə 72,7) yaş olacaq və 15-64 yaş arasında olanlar əhalinin 71,3 faizini, 65 yaşdan yuxarı olanlar isə bütün əhalinin 6,2 faizini təşkil edəcək. İqtisadiyyatda məşğul olanların orta  illik sayının 4 milyon 740 min nəfər, muzdla işləyənlərin orta illik sayının 1 milyon 520 min nəfər və ya məşğul əhalinin 32,1 faizi qədər olacağı, bir işçiyə hesablanmış orta aylıq əmək haqqının 508,4 manata çatacağı proqnozlaşdırılır. 2017-ci ildə pensiya sisteminə daxil olacaq və sistemdən çıxacaq pensiyaçıların sayı üzrə proqnozlar əmək pensiyaçılarının orta illik sayının 1 milyon 324 nəfərə çatacağını göstərir ki, bu da cari ilin orta illik göstəricisindən təqribən 16 min nəfər çoxdur.
Hörmətli millət vəkilləri, qeyd edilən sosial-iqtisadi, demoqrafik, habelə sığorta-pensiya sisteminin göstəricilərinə uyğun olaraq fondun 2017-ci il üçün proqnozlaşdırılan büdcəsinin əsas parametrlərini diqqətinizə çatdırmaq istəyirəm. Dövlət Sosial Müdafiə Fondunun  2017-ci il üçün xərcləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən icra nəticəsindən 248 milyon manat və ya 8 faiz çoxdur. Əmək pensiyalarına 229 milyon manat, məcburi  dövlət sosial sığorta  aktları hesabına verilən müavinətlərə 5,6 milyon manat, digər xərclərə isə 13,4 milyon manat artımın yönəldiləcəyi nəzərdə tutulur.
Növbəti ildə əhaliyə ödənişlər fondun xərclərinin 97,6 faizi səviyyəsində  və ya 3 milyard 318 milyon manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2017-ci il üçün nəzərdə tutulmuş proqnozu cari ilin gözlənilən nəticəsindən 234 milyon manat və ya 7,6 faiz yuxarıdır. Əmək pensiyaları üzrə xərclər əhaliyə ödənişlərin 97 faizini təşkil edərək 3 milyard 314 milyon manat səviyyəsində proqnozlaşdırılır. Bu da cari ilin gözlənilən nəticəsindən təqribən 8 faiz çoxdur.
Qeyd edilən artımın pensiya xərclərinin komponentləri üzrə nəzərdə tutulan bölgüsünü diqqətinizə təqdim etmək istərdim. Bu vəsaitin 127 milyon manatı əmək pensiyalarının sığorta hissəsinin, 102 milyon manatı sistemə yeni daxil olan pensiyaçıların əmək pensiyalarının  baza və sığorta hissələrinin, eləcə də hərbi qulluqçuların, dövlət qulluqçularının və fərqli qaydada pensiya təyin olunan pensiyaçıların qulluq stajına görə əlavəsində proqnozlaşdırılan artımın maliyyələşdirilməsi üçün nəzərdə tutulur.  Fondun büdcəsində nəzərdə tutulan pensiyaçıların sosial müdafiəsi tədbirlərinin reallaşdırılması nəticəsində növbəti ildə əmək pensiyalarının orta aylıq məbləği 203 manata gəlib çıxacaqdır.
2017-ci ildə məcburi dövlət sosial sığorta aktları hesabına verilən müavinətlərin proqnozu 104,4 milyon manat nəzərdə tutulur ki, bu da cari ilin büdcəsi üzrə gözlənilən nəticədən 5,7 faiz yuxarıdır. 5,6 milyon manatlıq artımın 0,6 milyon manatı əmək qabiliyyətini müvəqqəti itirməsinə görə, 0,6 milyon manatı hamilələr və doğuşa görə, 0,5 milyon manatı uşağın anadan olmasına görə, 1,5 milyon manatı 3 yaşa qədər uşaqlara qulluğa görə, 100 min manatı isə dəfn  üzrə müavinətə sərf olunacaq. 2,7 milyon manatın isə işsizliyə görə müavinətə yönəldilməsi nəzərdə tutulur. Sosial sığorta müavinətləri üzrə xərclərdə nəzərdə tutulan artımın səbəbləri bu müavinətlər üçün müraciət sahəsində tətbiq olunan elektron  xidmətlərdən istifadə sayının artması, habelə məşğulluq orqanlarına işsizlik müavinəti ilə bağlı müraciət  edənlərin sayının əhəmiyyətli şəkildə yüksəlməsi ilə bağlıdır.
2017-ci ildə digər xərclər 81,8 milyon  manat məbləğində nəzərdə tutulur ki, bu da 2016-cı ilə nisbətən 19,6 faiz və ya 13,4  milyon manat çoxdur. Bu sahədə xərc artımı, əsasən, Dövlət Sosial Müdafiə Fondunun aparatının saxlanılması istiqamətində proqramlaşdırılmışdır. Belə ki, Aparatın və onun yerli orqanlarının saxlanması xərclərinin proqnozu 2017-ci il üçün 40 milyon manat məbləğində nəzərdə tutulur. 
Bu xərc maddəsi üzrə 13 milyon manat artım Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanları ilə Dövlət Sosial Müdafiə Fondunun nazirliyin strukturuna daxil edilməsi və Dövlət Sosial Təminat Xidmətinin Dövlət Sosial Müdafiə Fonduna birləşdirilməsi üzrə aparılmış struktur dəyişiklikləri nəticəsində fondun fəaliyyət sferasının genişlənməsi və işçi sayının əhəmiyyətli şəkildə artması ilə əlaqədardır. Qeyd edilən struktur dəyişikliyi nəticəsində fondun işçilərinin sayı 1880 vahid artaraq 4916 nəfərə, illik əmək haqqı fondu isə 21,7 milyon manatdan 29,6 milyon manata qədər yüksəlmişdir.
Diqqətinizə çatdırmaq istərdim ki, ləğv olunmuş Dövlət Sosial Təminat Xidmətinin illik saxlanma xərci 17,2 milyon manat idi. Göründüyü kimi, bu islahat tədbiri nəticəsində 4,2 milyon manat vəsaitə qənaət edilib.
Fondun 2017-ci il üçün gəlirləri 3,4 milyard manat proqnozlaşdırılır ki, bu da cari ilin gözlənilən nəticəsindən 270 milyon manat və ya 8,6 faiz çoxdur. Fondun gəlirləri məcburi dövlət sığorta haqları üzrə daxilolmalar, sair gəlirlər və dövlət büdcəsindən ayırmaların məcmusundan ibarətdir.
Gəlirlərin 62,5 faizinin məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların hesabına təmin ediləcəyi proqnozlaşdırılır ki, bu da 2 milyard 125 milyon manat olmaqla 2016-cı ilin gözlənilən nəticəsi ilə müqayisədə 13 faiz və ya 245 milyon manat çoxdur. 2017-ci ildə məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaların proqnozunun 61,2 faizi və ya 1,3 milyard manatı qeyri-büdcə təşkilatlarının payına düşür ki, bu da cari ildə gözlənilən daxilolmalardan 120 milyon manat və ya 10,2 faiz çoxdur. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərdən məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 54,5 milyon manat proqnozlaşdırılır ki, bu da cari ilin nəticələrindən 1 milyon manat artıqdır.
2017-ci ildə dövlət büdcəsindən ayırmalar, yəni transfert 2016-cı ilin büdcə göstəriciləri ilə müqayisədə 24 milyon manat və ya 1,9 faiz artaraq 1 milyard 270 milyon manat təşkil edəcəkdir. Növbəti ildə dövlət büdcəsindən nəzərdə tutulan transfert illik proqnozlaşdırılan xərcin 34,7 faizini əhatə edəcəkdir.
Xüsusi olaraq sizin diqqətinizə çatdırmaq istərdim ki, pensiya xərclərinin 1992-ci ilin 1 yanvarından əvvəlki dövrə aid hissəsi, eləcə də əmək pensiyasına əlavələrin formalaşdırıldığı dövlət öhdəliklərinin məbləği 2017-ci ildə 1 milyard 417,6 milyon manat təşkil edir. Bu məbləğin 1 milyard 270 milyon manatı dövlət büdcəsinin verdiyi transfert hesabına, 147,6 milyon manatı isə sosial sığorta haqlarının hesabına maliyyələşdiriləcək. Göründüyü kimi, dövlət büdcəsinə verilən transfertin düzgün məbləği 1 milyard 417,6 milyon manat olmalı idi. Amma nəzərə almalıyıq ki, dövlət büdcəsinin vəsaitlərində müəyyən gərginliklər var. Oradan yönəldilən transfert kifayət etmədiyi üçün toplanacaq sosial sığorta haqlarından təqribən 147,6 milyon manat dövlət öhdəliklərinin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Bir daha diqqətinizə çatdırmaq istərdim ki, bu, sığorta-pensiya sisteminin deyil, dövlət öhdəliklərinin məbləğidir.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikası Prezidentinin sığorta-pensiya sisteminin inkişafını və bu sahədə islahatları xüsusi diqqət mərkəzində saxlaması əksər ölkələrin sosial sahədə ciddi ixtisarlar aparmaq zərurəti ilə qarşılaşdığı bir zamanda ölkəmizdə pensiya proqramlarının vaxtında və tam icra edilməsinin başlıca təminatçısıdır. 2003-cü ildən başlayan sürətli islahatlarla Azərbaycanın modern sığorta-pensiya sisteminin formalaşdırılması uğurla gerçəkləşdirilmişdir. Ölkəmizin pensiya təminatı sisteminin yeni inkişaf istiqamətləri, bu sahədə qarşıda duran vəzifələr, prioritetlər və reallaşdırılacaq kompleks islahat tədbirləri Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 4 noyabr tarixli Sərəncamı ilə təsdiq olunmuş “2014–2020-ci illərdə Azərbaycan Respublikasında pensiya təminatı sisteminin islahatı Konsepsiyası”nda müəyyən edilmişdir. Fikrimizcə, Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında qanunun qəbulu bu prioritetlərə nail olunması istiqamətində etibarlı maliyyə təminatı formalaşdıracaq və pensiyaçıların sosial müdafiəsinin daha da güclənməsinə imkan yaradacaqdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Səlim müəllim. Cənab nazir, vərdişdir, düz 12 il Sizə Dövlət Sosial Müdafiə Fondunun sədri demişik. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi  yanında Dövlət Sosial Müdafiə Fondunun yeni direktoru Zakir Babayev də buradadır. Onu da təbrik edirik. Səlim müəllim, çıxışınıza görə də çox sağ olun.
Xahiş edirəm, çıxış etmək istəyənlər yazılsınlar.  Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, dünən dövlət büdcəsini müzakirə edərkən sosial müdafiə sahəsinə aid olan məsələləri də müəyyən səviyyədə dilə gətirdik. Oqtay müəllim, Sizə də təşəkkür edirəm ki, dünən kifayət qədər imkan yaratdınız, millət vəkilləri yaxşı təkliflər verdilər. Mən hesab edirəm ki, büdcənin gəlir və xərclərinin aşağı səviyyədə olduğu bir vaxtda ən aktual məsələlərdən biri olan sosial müdafiə sisteminə xüsusi diqqət ayırmağımız vacibdir. Son vaxtlar bu sahədəki müsbət dəyişiklikləri, təbii ki, hamımız qeyd edirik. Əvvəllər əlilliyin təyin olunması zamanı yaranan problemlər indi, demək olar ki, ortadan qalxıb. Xatırlayırsınız, əvvəllər Milli Məclisdə rayonlarda sosial müavinətlərin vətəndaşa çatmadığı, kağız üzərində qaldığı, mənimsənildiyi barədə kifayət qədər fikirlər səslənirdi. Diqqət edirsinizsə, artıq belə  fikirlər səslənmir. Bu çox müsbət bir tendensiyadır. Mən hesab edirəm ki, ölkədə “ASAN xidmət” modeli ilə yanaşı, sosial müdafiə sistemində də baş verən müsbət dəyişiklikləri qeyd etməyimiz vacibdir.
Bununla yanaşı, vətəndaşların aztəminatlı hissəsinin real vəziyyətini də burada təsvir eləməliyik ki, insanları bu çıxılmaz vəziyyətdə müəyyən qədər müdafiə etmək imkanı əldə edilsin. Xüsusilə məşğulluq problemi ilə bağlı məsələyə toxunmaq istəyirəm. Açığı, qeyd eləmək lazımdır ki, bizdə statistik göstəricilərdə nə qədər qeyd olunsa da, bütövlükdə cəmiyyətin ümumi mənzərəsində gizli işsizliyin sayı kifayət qədər artan vəziyyətdədir. Heç kimə sirr deyil ki, nə qədər işsiz kateqoriyasına aid edilməsə də, vətəndaşların əksəriyyəti faktik olaraq pay torpaqlarından istifadə eləmirlər. Kənd təsərrüfatında rentabellik aşağı düşdüyünə və dövlət satınalma qiymətləri çox aşağı olduğuna görə insanlar artıq əkib-becərmə işi ilə məşğul olmur, tamamilə başqa sahələrə keçirlər. Bununla da onlar, əslində, gizli işsizlər ordusunun təşkilində iştirak edirlər.
Tikinti sektorunda da müəyyən yükün rəsmiləşdirilən və rəsmiləşdirilməyən hissələri yenə də qalmaqdadır. Bu da gizli işsizlər ordusunun sayının çoxalmasına gətirib çıxarır.
Ən ciddi problemlərdən biri uzun müddət ödənişsiz məzuniyyətdə olanlarla əlaqədardır. Xeyli adam ixtisarla, başqa məsələlərlə bağlı ödənişsiz məzuniyyətə gedir. Bunlar faktiki olaraq işsizlərdir, hamısı da Azərbaycan vətəndaşıdır. Onların müəyyən təminatını dövlət öz üzərinə götürmək imkanına sahib deyil. Bunun yeganə yolu özəl sektorun inkişafı, yeni iş yerlərinin açılmasıdır. Biz tez-tez özəl sektor deyirik. Nə sahibkarıq, nə də özəl sektorla xüsusi bir əlaqəmiz var. Cəmiyyətin ümumi gedişatından görürük ki, dövlət bu yükü öz üzərinə götürə bilmir. Dövlət orqanlarında iş yerləri məhduddur. Orada da işə qəbul müxtəlif imtahan və şifahi müsabiqələr vasitəsi ilə həyata keçirildiyi üçün normal savadı olmayan adamlar bu mərhələləri keçə bilmirlər. Amma bunlar bir ordu yaradırlar ki, bu da ölkəmiz üçün, sosial gərginlik üçün çox təhlükəlidir.
Mən rayonların birində hüzr yerində olarkən eşitdim ki, bir nəfəri qətlə yetiriblər. İnsanlar mənə dedilər ki, işsizlikdən ya narkomaniyaya, ya da kriminal sahəyə meyillənmə artıq kütləvi hal almaqdadır. Bunun qarşısını təkcə polisin səyləri ilə almaq mümkün deyil. Ancaq iqtisadi metodlarla bunun qarşısının alınması vacibdir. Hesab edirəm ki, orta əmək haqqının 508 manat olması bizi aldatmamalıdır. Bu gün yaşayış minimumu, ehtiyac meyarı məsələlərində reallığı əks etdirməyən bir vəziyyət var. Bu baxımdan da indiki mərhələdə hara üstünlük verməyi də söyləmək çətindir.
Büdcə vəsaitlərinin xərclənməsi məsələsində biz doğru istiqaməti tapmalıyıq. Əgər məndən hansı istiqamətə üstünlük verməyi soruşsalar, deyərdim ki, uşaqların müdafiəsi istiqamətinə daha çox önəm verməliyik. Diqqət edirsinizsə, uşağın anadan olmasına görə 7,2 milyon manat, 3 yaşına çatana qədər uşaqlara qulluqla əlaqədar 13,4 milyon manat, hamiləliyə və doğuşa görə də 28 milyon manat vəsait nəzərdə tutulur. Amma bir uşağın təminatı üçün lazım olan ərzağın, müxtəlif vəsaitlərin alınması o qədər bahadır ki, bir ailə bu yükü götürmək imkanına sahib deyil. Xüsusilə təminatsız ailələrin böyük problemi var.
Sonra, məktəb yaşına çatmış uşaqların məktəblə bağlı böyük xərcləri var. Hamı bilir ki, bu xərc bir valideyn üçün minimum 300-400 manat civarında olur. Hətta dövlət müəssisəsində təhsil alan şagirdin valideyni üçün də bu yükü götürmək çox çətindir. Bu baxımdan, xüsusilə də sosial gərginliyin azalması baxımından mən vəsaitin başqa sahələrdən bu sahəyə yönəldilməsini olduqca vacib sayıram.
Biz iki yol seçməliyik. Özəl sektorun qapısını tam açmalıyıq, vergi güzəştləri tətbiq eləməliyik və imkan yaratmalıyıq ki, təşəbbüskar Azərbaycan insanı iş yerləri açsın və bu yükü öz üzərinə götürsün. Bunu eləmirik. Açığı deyim ki, bu sahədə xeyli əngəllər, inhisarçılıq hələ də qalmaqdadır. Hələ də Rəqabət Məcəlləsini qəbul eləməməyimiz, sağlam rəqabətin olmaması Azərbaycan cəmiyyətində bir problemə çevrilibdir.
Heç olmasa, aktual olmayan sahələrdən bu sahəyə vəsait ayırmağımız ən azı uşaqların müalicəsi məsələsinin həllini təmin edər. Çox sayda xəstə uşaq var ki, valideynləri vəsait tapıb onların müalicəsi ilə məşğul ola bilmirlər. Bəlkə 10–12 yaşına qədər uşaqların müalicəsi üçün bir fond yaradılsın. O yaşda müalicə olunmadısa, bu xəstəlik onun ömür boyu əlilə çevrilməsinə səbəb olur. Belə variantlardan birini düşünməliyik və yaxşı olar ki, onların müalicə xərclərini dövlət hansısa fondlar vasitəsi ilə öz üzərinə götürsün. Bunlar olarsa, müəyyən yüngülləşmə halları da ola bilər.
Düşünürəm ki, əmək pensiyalarının verilməsi, sonra, əlillərin sayı məsələsi də müsbət bir tendensiyadır. Bizdə indi 6 faizdir. Dünya ölkələrində bu, 15 faiz nəzərdə tutulur. Yəni normal inkişaf eləmiş ölkələrdə 15 faizi keçmir. Bizdə bir az sovet tendensiyası ilə bunu az göstərmək, çoxunu qeydiyyatdan keçirməmək ənənəsi var idi. Son vaxtlar əlillərdən aldığımız müraciətlər onu göstərir ki, artıq onların qeydə alınmasında problem yaranmır. Bu da bir müsbət tendensiyadır. Ümumiyyətlə, mən sosial müavinət sferasına xərcin artırılmasının tərəfdarıyam.
Burada deputat həmkarımız Musa Quliyev çox maraqlı bir təklif verdi. Əslində, bu müzakirə olunmalı bir təklifdir, çünki Musa müəllim bu sahəni kifayət qədər gözəl bilən vicdanlı millət vəkillərindən biridir. O yanaşma tərzini də bilirəm, istəyir ki, bu problemlər öz həllini tapsın. Məncə, bu məsələni də gələcəkdə müzakirə eləmək olar. Amma birdən-birə bu müavinət məsələsindən imtina eləməyin də problemi var, çünki bunun hansı formada ayrı-ayrı uşaqlara yönəldilməsi məsələsində də eyni əngəllər ortaya çıxa bilər. Yəni əgər müəyyən vəsaitlərin doğru istiqamətdə xərclənməməsi ənənəsi varsa, yeni bir model tapılanda orada da eyni ənənə qala bilər. Ona görə də bunu ciddi şəkildə müzakirə eləməyə, məncə, ehtiyac var. Ümumiyyətlə, mən bu büdcə layihəsini dəstəkləyirəm və hesab edirəm ki, bu gün bu sahədə daha keyfiyyətli fəaliyyət ölkədə sosial gərginliyin azalmasına, ən azı indiki şərtlərdə insanların minimum yaşayış standartlarının təmin olunmasına imkan yarada bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli həmkarlar, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsini cəmiyyətimizin bir hissəsi çox səbirsizliklə gözləyirdi. Bu da təbii bir haldır, çünki onlar cəmiyyətin ən həssas təbəqəsidir. Belə ki, onlar dövlətin humanizminə, onun sosial siyasətinə daha çox möhtac olan insanlardır. Bunlar əmək qabiliyyətini itirmiş, bu və ya digər formada müavinət alan, ünvanlı sosial yardıma möhtac olan insanlardır ki, dövlət həmişə onlara qarşı humanist bir sosial siyasət yürütmüşdür. Sosial siyasət Azərbaycanın dövlət siyasəti içərisində prioritet istiqamətlərdən biridir.
Düşünürəm ki, qlobal iqtisadi böhran adlandırdığımız, iqtisadi baxımdan çox çətin olan bir şəraitdə respublikamızın məşğulluq strategiyasının işlənib hazırlanmasının vaxtı çoxdan çatıb. Belə bir şəraitdə isə işsizliyə görə icbari sığortanın müəyyən olunması çox vacib bir məsələdir. Əgər bu gün insanları iş yerləri ilə təmin etmək mümkün deyilsə, işsizliyə görə icbari sığortanın bu növünün artıq təsis edilməsinin vaxtı çoxdan çatıb.
Mən ünvanlı sosial yardımlarla bağlı bəzi fikirlərimi bildirmək istəyirəm. Düzdür, son illər  bu sahədə çox bö-yük irəliləyişlər olub. Hörmətli Səlim müəllim nazir təyin olunandan sonra, demək olar ki, əvvəlki illərlə müqayisə edilməyəcək dərəcədə müsbət dəyişikliklər var. Amma mən bir daha vurğulamaq istəyirəm ki, ünvanlı sosial yardımların verilməsi üçün əsas meyar olan ehtiyac meyarı 116 manat müəyyən olunub. Düzdür, bu çox azdır, amma fikir versək, bu, ünvanlı sosial yardımların müəyyən olunması üçün əsas meyardır. İnsanlar nazirliyin yerli qurumlarına müraciət edəndə onlara deyirlər ki, hər ikinizin, – ər-arvadı nəzərdə tuturam, – əmək qabiliyyəti var, işləyə bilərsiniz. Ona görə onlara ünvanlı sosial yardım verilmir.
İşin formal cəhətdən düz olduğunu mən də etiraf edirəm, çünki bu şəkildə dövlət hər kəsə ünvanlı sosial yardım verə bilməz. Amma bu gün işsizliklə bağlı çox ciddi problemlər var və iş tapmaq müşkül bir məsələyə çevrilib. Bu insanlar iş tapa bilmədiklərinə görə istər-istəməz ünvanlı sosial yardım almaq üçün bu qurumlara üz tuturlar. Ona görə hörmətli Səlim müəllimdən xahiş edirəm ki, ən azından iqtisadi böhran adlandırdığımız bu çətin dövrdə insanlara bir az kömək etmək lazımdır. Yəni mənim seçildiyim ərazidə elə ailələr var ki, onların evinə, demək olar ki, əmək haqqı qismində heç bir gəlir daxil olmur. Heç bir yerdə iş tapa bilmirlər. Bu insanlara müvəqqəti olaraq kömək etmək lazımdır. Ən azından bu insanlara, belə deyək, şərti də olsa, ünvanlı sosial yardımlar vermək lazımdır.
Bundan başqa, əmək pensiyalarının hesablanması ilə bağlı məsələni də mən burada qabartmaq istəyirəm. Düzdür, son dövrdə bu sahədə də çox müsbət uğurlarımız var. Amma mən deyim ki, bəzi bölgələrdə əmək pensiyalarının hesablanması ilə bağlı ciddi problemlər də var. Hətta bu məsələlər məhkəmə çəkişmələrinə qədər gedib çıxır. Mənim seçildiyim Şirvan şəhərində də belə hallar mövcuddur. Pensiya alanlarla nazirliyin yerli qurumları arasında çox xoşagəlməz münasibətlərin olması ilə bağlı insanlar arasında müxtəlif söhbətlər gəzir. Onu da deyim ki, bəzi məhkəmə çəkişmələrini insanlar udsalar da, sonra məhkəmə qərarlarının icrası ilə bağlı ciddi problemlər meydana çıxır. İnsanlar məhkəmə çəkişməsində udduqları pensiya məbləğini almaqda çox böyük çətinliklər çəkirlər. Mən düşünürəm ki, hörmətli Səlim müəllim həm ünvanlı sosial yardım, həm də pensiyaların hesablanması və məhkəmə çəkişmələrinin qanunauyğun şəkildə sona çatması ilə bağlı məsələləri ciddi nəzarətdə saxlayacaq və biz növbəti ildə insanlarımıza bu sahədə kömək edə biləcəyik. Diqqətinizə görə çox sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli qonaqlar, hörmətli millət vəkilləri, media nümayəndələri! Bu gün biz Dövlət Sosial Müdafiə Fondunun büdcəsini müzakirə edirik. İlk öncə, mən də deputat həmkarım Fazil bəy kimi Sədrimizə minnətdarlığımı bildirmək istərdim ki, həqiqətən, 2 gün ərzində kifayət qədər imkan yaradıldı, tənqidi ruhda büdcə müzakirələri aparıldı, təkliflər verildi. Oqtay müəllim həm də onu təmin elədi ki, hökumət üzvləri həm bizi, həm də ictimaiyyəti narahat eləyən məsələlərlə bağlı məlumat verdilər. İctimaiyyəti də məlumatlandırdılar, bizi də. Əlbəttə, bu çox müsbət haldır, parlamentin imicinin yüksəldilməsinə xidmət edən məqamdır.
Dünən bizim çox hörmətli həmkarımız bildirdi ki, ünvanlı sosial yardımların verilməsi, xüsusilə də çatdırılması istiqamətində  şəffaflıq lazımınca təmin olunmayıb, neqativ hallar var və buna görə onun verilməsi dayandırılmalıdır. Hörmətli Ziyafət müəllim, yəqin xatırlayırsınız, zaman-zaman parlamentdə məsələ qaldırılıb ki, kimlər ünvanlı sosial yardım alırsa, onların siyahısı internetdə verilsin. İnsanlar görsünlər ki, qonşusunun ünvanlı sosial yardım almağa haqqı çatır, yoxsa yox? Bu, ədalətli verilir, yoxsa yox? Amma bu məsələlər səsləndirilən zaman, çox təəssüf ki, buna əhəmiyyət verilmirdi. Ünvanlı sosial yardımların verilməsində şəffaflığın olmaması və neqativ halların olması barədəki çıxış həmin zaman edilsə idi, daha qərəzsiz, daha ədalətli görünərdi və qəbul olunardı. Səlim müəllim gedib, rahat danışmaq olar. Mən çox istərdim ki, bir çox nazirliklərdə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindəki qədər şəffaflıq təmin edilmiş olsun. Bilirsiniz ki, Səlim müəllim o vəzifəyə təyin olunandan sonra o siyahılar dərc olundu. Ev alanların siyahısını, növbədə duranları hamı gördü. Hamı ciddi nəzarət eləməyə başladı.
Bundan başqa, bu gün bizdə hansı sahədə nöqsanlar yoxdur, hansı sahədə vəziyyət idealdır ki? Ümumiyyətlə, təkcə bizdə yox, dünyanın hər hansı bir yerində ideal vəziyyət varmı? O nöqsanların aradan qaldırılması istiqamətində konkret təkliflər verilməlidir ki, necə eləyək, şəffaflığı daha da artıraq. Bizim Rabitə və Yüksək Texnologiyalar Nazirliyində neqativ hallar aşkarlanıb. İndi orada neqativ hallar baş verib deyə nazirliyin maliyyələşdirilməsini dayandırmalıyıq? Düşünürəm ki, bu cür məntiq qəbulolunmazdır. Bilirsiniz, son vaxtlar iqtisadi böhranın nəticəsi olaraq müəssisələrin bəziləri bağlanır. İşsizliyin  artdığı bir dövrdə biz ünvanlı sosial yardımı da dayandırsaq, cəmiyyətdə əlavə gərginliyə yol açmış olarıq. Bu cür çətin vəziyyətdə yaşayan insanları belə çıxışlarla daha da həyəcanlandırırıq. Düşünürəm ki, bu məsələnin indiki məqamda gündəmə gətirilməsi ədalətsiz bir yanaşmadır.
Mən, əslində, təklif edərdim ki, ehtiyac meyarının həddi yaşayış minimumuna çatdırılsın. Heç olmasa, pensiyaçılar üçün müəyyən edilən 130 manata çatdırılsın. Rayon mağazalarında borc dəftərləri yaranıb, hər kəs yoxlayıb, təsdiq edə bilər. İnsanlar, xüsusən ünvanlı sosial yardım alanlar ayın əvvəlini gözləyirlər ki, heç olmasa, borclarının bir hissəsini ödəyə bilsinlər. Bəzi yerlərdə insanlar artıq unu vedrə ilə almağa başlayıblar. Ona görə də düşünürəm ki, insanlarımız üçün əlavə qıcıq, stress yaradacaq təkliflərdən, çıxışlardan uzaq olmalıyıq.
Dünən burada bir başqa məsələ də səsləndirildi. Yenə çox hörmətli həmkarımız məsələ qaldırdı ki, niyə əvvəllər hökuməti tərifləyənlər indi tənqid edirlər? Bu məntiqi də heç cür qəbul eləmək olmaz. Deputat hökumətin hansı addımını doğru hesab edirsə, onu tərifləyir, hansını doğru hesab etmirsə, tənqid edir. Mən nə vaxtsa hökumətin hansısa addımını doğru hesab edib tərifləmişəmsə, indi yanlış hesab etdiyim qərarı tənqid eləməməliyəm? Burada da məntiq yoxdur. Özü də bu təklifi səsləndirən dostlarımız çıxışlarında kifayət qədər tənqidi məqamlara yol veriblər. Tənqid də var, təkliflər də. Düşünürəm ki, Milli Məclis demokratik bir qurumdur, dünyanın gözü buradadır. Burada tənqid də, təklif də olacaq, konstruktiv müzakirələr də keçiriləcək. Kim nəyi doğru-düzgün hesab edirsə, onu bölüşəcək. Bu, inanın ki, cəmiyyətin də hökumətin də, iqtidarın da xeyrinədir. Burada da ciddi narahatçılıq üçün əsas görmürəm.
Sonda bir daha ona qayıdıram ki, bəli, maliyyə çətinliyi var, amma ciddi şəkildə düşünməliyik. Hazırda iş yerini itirən insanlara, heç olmasa, işsizliyə görə müavinət verməliyik ki, cəmiyyətdə əlavə gərginlik yaranmasın. İstərdim ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə çox ciddi düşünsün və mümkündürsə, ehtiyac meyarını bizim pensiyaçılar üçün müəyyən olunmuş yaşayış minimumu həddinə çatdıraq. Minimum nə deməkdir? Yəni ki, bir insanın yaşaması üçün olan minimumdu da. Minimumdan əlavə biz o vaxt bir ehtiyac meyarı da müəyyənləşdirdik. Düşünürəm ki, ehtiyac meyarı ilə minimumun birləşdirilməsi daha doğru olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Məlahət xanım, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
M.İbrahimqızı. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Mənim sualım Səlim müəllimədir. Öncə təqdimatı dəstəkləyirəm. Mən də Qüdrət Həsənquliyevə qoşuluram ki, Səlim müəllim istər əvvəlki, istərsə də indiki vəzifəsində deputatların, seçicilərin problemləri ilə maraqlanıb, həmişə qaldırdığımız məsələlərə çox diqqətlə yanaşıb. Həqiqətən, cəmiyyətdə islahatçı bir nazir kimi qəbul olunur.
Mənim sualım nədən ibarətdir? Bir neçə il bundan qabaq biz Azərbaycanda, xüsusilə kənd bölgələrində əlillik dərəcələrinin sanki bir epidemiya kimi artdığını müşahidə etmişdik. Hətta bu məsələni müzakirə də etmişdik. İnsanların bir qismi əlillik dərəcəsi alandan sonra Rusiyada, orada-burada bizneslə məşğul olurdular. Bu bizim milləti o qədər də müsbət xarakterizə eləmirdi, millətimiz barədə mənfi imic formalaşa bilərdi. Təbii ki, o vaxt Səlim müəllim nazir deyildi, Dövlət Sosial Müdafiə Fondunun rəhbəri idi.
Birinci, sualım ondan ibarətdir ki, bu tendensiya azalıbmı? Təbii ki, mən neqativ halları ümumilikdə demək istəyirəm. Əlillik dərəcələrinin alınması yenə kütləvi şəkildədir, yoxsa bunun qarşısını almaq üçün ciddi tədbirlər görülür?
İkinci sualım əlillərin reabilitasiyası ilə bağlıdır. Nə qədər birinci qrup əlil ikinci qrup oldu və yaxud nə qədər ikinci qrup əlil birinci qrup oldu? Burada da həm reabilitasiya,  həm də əhalinin sağlamlığı ilə bağlı gördüyümüz işlərin mənzərəsi aydın olar. Xahiş edirəm, bu suala aydınlıq gətirin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Çox sağ olun, Ziyafət müəllim. Mən də deputat həmkarlarımın o fikirləri ilə razıyam ki, həm komitələrin iclaslarında, həm də plenar iclasda dövlət büdcəsi kifayət qədər geniş müzakirə olundu, çox konstruktiv təkliflər səsləndirildi. Ümidvaram ki, hökumət bu təklifləri təhlil edəcək və onları nəzərə alacaqdır.
Əhalinin sosial müdafiəsi dövlətin daim diqqət və qayğısındadır. Ona görə də qeyd olunur ki, bizim büdcəmiz sosialyönümlüdür. Amma bütün görülən işlərə baxmayaraq, dünyada baş verən böhran da, digər kataklizmlər də Azərbaycan iqtisadiyyatına təsirini göstərir. Deməli, hansısa çevik proqramlar üzərində düşünülməli, yeni qərarların qəbulu üçün təhlillər aparılmalı və əmək qabiliyyətli insanların əmək bazarına qayıtması üçün işlər görülməlidir.
Əlbəttə ki, müavinətlərin verilməsi, ünvanlı sosial yardımların müəyyən edilməsi istiqamətində dövlətin gördüyü tədbirlər təqdirəlayiqdir. Amma bununla problem həll edilmir və edilməyəcək. Digər bir tərəfdən isə müəyyən asılılıq yaradılacaq və insanlar da bunun təsiri altında bir qədər əmək bazarından uzaqlaşmış olacaqlar.
Mən istərdim, buradakı rəqəmlərdən çıxış edəm. Bu, Hesablama Palatasının rəyində də göstərilib. Orta aylıq əmək haqqı qeyri-dövlət sektorunda, təbii ki, yüksəkdir. Orta aylıq əmək haqqının əhalinin neçə faizinin əmək haqqı əsasında hesablanması strukturuna, mənə elə gəlir ki, diqqət yetirmək lazımdır. Daxil olan statistik məlumatların təhlili göstərir ki, özəl sektorda işləyən əhalinin çox az bir hissəsində əmək haqları yüksəkdir, digər hissəsində qənaətbəxşdir, müəyyən hissəsində isə insanları birtəhər qane edir. Bunun əsasında ümumi orta əmək haqqı çıxarmaq və “əhalinin, ümumiyyətlə, orta əmək haqqı bu qədərdir” demək bizim düzgün qərar qəbul etməyimizə bir qədər mənfi təsir göstərə bilər. Mənə elə gəlir ki, strukturuna baxmaq, o çəkini müəyyənləşdirmək lazımdır. Bundan çıxış edərək dövlət proqramlarına müəyyən təkliflər verilməlidir.
Bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, şübhəsiz ki, ciddi tədbirlər görür və müxtəlif sahələrdə çalışan insanların hüquqlarını müdafiə edir. Amma baş verən böhranın nəticəsində iş yerlərini itirənlər var və müəyyən sahələrdə ixtisarlar gedir. Amma nədənsə ilk növbədə ixtisara düşənlər əlillər və məcburi köçkünlər olurlar. Bizə şikayət ərizələri daxil olur və biz bunlarla bağlı müraciət edirik. Bizə cavab verilir ki, gələcəkdə bunu nəzərə alacağıq. İnsanlar isə bizdən konkret cavab gözləyirlər.
Mən istərdim ki, əmək müfəttişliyi xətti ilə qanunun bu müddəaları diqqətdə saxlanılsın və hər bir müəssisədə ixtisarlar aparılarkən bu məsələlərə ədalət prizmasından yanaşılsın, qanunvericiliyin tələbləri gözlənilsin. Çünki onsuz da məcburi köçkünlərin qayğısını, yükünü yalnız dövlət çəkir. Çox təəssüflər olsun ki, özəl müəssisələr bu məsələlərə kifayət qədər həvəs göstərmirlər. Məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması, onların işlə təmin olunması məsələlərində özəl sektorun çox kiçik bir payı var. Arzu edərdim ki, gələcəkdə bu pay daha da genişlənsin, çünki özəl sektorun inkişafı üçün əmək qabiliyyətli insanlar lazımdır. Bizim məcburi köçkünlərimiz çox qabiliyyətli insanlardırlar və onlar işləmək, öz zəhmətləri ilə qazanmaq istəyirlər. 
Mən sadə bir misal deyim. Bu günlərdə cənab Prezidentin Ağdama səfəri insanlarda çox böyük ruh yüksəkliyi yaradıb. Cənab Prezident orada əkin sahələrinin suvarılması, məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması üçün Prezidentin Ehtiyat Fondundan əlavə vəsait ayırdı. Bu, dövlətin insanlara diqqət və qayğısının bariz nümunəsidir. Yaxşı olardı ki, özəl şirkətlərin və Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərin də o istiqamətdə fəaliyyəti təşkil olunsun və onlara müəyyən güzəştlər də nəzərdə tutulsun.
Deyəcəyim digər məsələ təhsil işçilərinin pensiya məsələsi ilə bağlıdır. Bu gün təhsil işçiləri pensiyaya getmək istəmirlər və pensiya yaşı çatdıqdan sonra uzun illər işləyirlər. Nə üçün? Çünki pensiya işlədikləri zaman aldıqları maaşdan çox azdır. Bu isə ciddi problemlər yaradır. Təhsil müəssisələrində müəllimlərin yaşı artır, pedaqoji kollektivdə qocalma prosesi gedir, gənc müəllimlərin işlə təmin olunmasında problemlər yaranır. Bu istiqamətdə də hər hansı bir dövlət proqramı üzərində düşünməliyik ki, bu insanlar maaşlarına yaxın pensiya ala və rahatlıqla pensiyaya gedə bilsinlər.
Digər məsələ pensiya fonduna ödəmələrlə bağlıdır. Özəl sektora müəyyən güzəştlər nəzərdə tutulmalıdır ki, onlar həvəsli olsunlar. Təklif olunsun ki, işçilərə verilən əmək haqqı və üstəlik Dövlət Sosial Müdafiə Fonduna ödəniləcək məbləğ artırılsın. Belə olarsa, şübhəsiz ki, dövlətin yükü azalacaq və daxil olan vəsait hesabına əmək pensiyalarının yuxarı həddini artırmaq imkanları yaranacaqdır. Əgər belə olmasa, biz hər il gözləsək ki, Dövlət Neft Fondundan transfertlər edilsin və bunun hesabına pensiyalar artırılsın, mənə elə gəlir ki, bu, çıxış yolu deyil.
Çıxış yolu əmək bazarları haqqında düşünməkdir. Keçirilən əmək yarmarkalarında real işlə təminatı, yəni qaneedici əmək haqqı məsələsini düşünmək lazımdır. İş yerləri var, amma oradakı maaşlar bəzən bu gün nəzərdə tutduğumuz minimal yaşayış həddindən aşağı olur. Ona görə də insanlar o yerlərdə işləmək istəmirlər. Belə bir fikir formalaşır ki, iş yerləri açılıb, var, amma orada işləyənlərin sayı olduqca azdır. Yəni baxmaq lazımdır ki, bu insanı əmək haqqı nə qədər təmin edir. Mənə elə gəlir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə müəyyən təkliflər hazırlayıb dövlətə təqdim edə və buna baxıla bilər.
Sonda mən bir məsələyə də diqqət yetirmək istəyirəm. Bu, sosial müdafiə ilə bağlı məsələdir. Yəqin xatırlayırsınız ki, vaxtilə deputatlar və digər kateqoriyadan olan insanlar üçün bina tikilirdi. Baş nazir cənab Artur Rasizadənin 2006-cı ildə verdiyi sərəncamla dövlət vəsaiti hesabına yüksək məbləğdə kompensasiya verilməklə başqa yerlərdə bu binaların tikilməsi nəzərdə tutulmuşdu. Üstündən 10 il keçib. Dövlət büdcəsindən o şirkətə milyonlarla vəsait ayrılıb. Amma 10 il keçməsinə baxmayaraq, bu şirkət hələ də bu mənzilləri tikib insanlara verməyib. Ona görə mən buradan cənab Baş nazirə müraciət edirəm ki, onun sərəncamı ilə ayrılmış bu vəsaitin hara xərclənməsi, nəyə görə 10 il keçməsinə baxmayaraq, bu insanlara nə kompensasiya, nə də mənzillərin verilməməsi ilə bağlı araşdırmaların aparılmasına göstəriş versin. Bu insanların da sosial müdafiəyə ehtiyacları var. Onlar bu mənzilləri öz vəsaitləri hesabına tikdirirdilər və nədənsə bu məsələ öz həllini tapmayıb. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Bəxtiyar müəllim, Siz 2002-ci ildə deputatlar üçün tikilən binadan söhbət edirsiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deməli, orada növbədə olan deputatların 80 faizi ya pulunu alıb, ya da mənzil alıb. 20 faizi qalıb. O binanı başa çatdırırlar. Pulunu ödəyənlər evlərini alacaqlar. Bu yaxınlarda o məsələ ilə məşğul olmuşuq, orada problem yoxdur. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, Səlim müəllimin təqdimatına diqqətlə qulaq asdıq. Dünən burada həmkarlarımla söhbətdə də qeyd etdim ki, biz büdcənin təqdimatının yeni formasına keçməliyik. Büdcə zərfi onsuz da bizə paylanır. Onu təqdim edən də öz təqdimatını qısa şəkildə həyata keçirməlidir. Bu gün Səlim müəllim bunun nümunəsini göstərdi. Hesab edirəm ki, növbəti illərdə hər bir çıxışçı büdcəni bu cür təqdim etsə, daha məqsədəuyğun olar.
Çıxış edən həmkarlarım Dövlət Sosial Müdafiə Fondunun büdcəsi və ümumiyyətlə, nazirliyin fəaliyyəti ilə əlaqədar fikirlərini çox yüksək şəkildə bildirdilər. Mən də onlara qoşuluram, doğrudan da, çox böyük islahatlar aparılıbdır. Həm ünvanlı sosial yardımların verilməsində, həm pensiyaların hesablanmasında, həm də bu sahədə əhalinin dəqiq məlumatlandırılmasında və elektron varianta keçilməsində xeyli işlər görülüb. Bizim xatirimizdədir,  burada bəzi həmkarlarımız dönə-dönə tələb edirdilər ki, kimə ünvanlı sosial yardım verilibsə, heç olmasa, onların siyahısını göstərin. Bu siyahı ortaya çıxmırdı. Lakin indi istənilən şəxs web sayta girib onu oxuya bilər.
Oqtay müəllim, hesab edirəm ki, büdcənin müzakirəsində sosial sahə haqqında kifayət qədər fikirlər söylədik. Digər sahələrdən fərqli olaraq sosial sahənin bütün istiqamətlərində irəliləyişin şahidiyik. Artımlar var və ümumi işin qurulmasında, əlillərin mənzil şəraitinin yaxşılaşdırılmasında, yeni mənzillərin tikilməsində bu özünü göstərir. Ona görə də hesab edirəm ki, o qədər də geniş müzakirəyə ehtiyac yoxdur və mümkündürsə, çıxışları 5 dəqiqə edək. Mən buna səs verəcəyəm, deputat həmkarlarımı da səsverməyə çağırıram.
Burada səslənən bir fikrə də münasibətimi bildirmək istəyirəm. Həmkarım Qüdrət müəllim burada tənqid və təkliflə bağlı fikirlərini söylədi. Təbii ki, əgər tənqidin fəlsəfəsinə baxsan, görərsən ki, müxalifət tənqid etməli, iqtidar da müdafiə etməlidir. Çünki bu hökumətin nümayəndəsidir və hakim partiya həmişə müdafiə etməlidir. Amma tənqidin də forması olmalıdır. Tutalım ki, hökumət tənqid olunur. Hökuməti tənqid edirsiniz, amma Səlim müəllimi müdafiə edirsiniz. Səlim müəllim də hökumətin üzvüdür. Ona görə də konkret sahəni tənqid etmək lazımdır və ümumi fikir söyləməyə ehtiyac yoxdur. Ümumi fikir söyləyəndə mətbuatda qeyd edir ki, hə, mən hökuməti tənqid etdim. Hər bir şəxs də hesab edir ki, bu məsələnin ona aidiyyəti yoxdur. Yaxud bəzi həmkarlarım da çıxışlarda nazirə deyirlər ki, səni nəzərdə tutmurdum, başqasını nəzərdə tuturdum. O birisini görəndə ona da deyir ki, səni yox, başqasını nəzərdə tuturdum.
Ona görə də sözü konkret ünvana deyin, konkret tənqid edin ki, o da öz işindən nəticə çıxarsın və gələcəkdə belə səhvlərə yol verməsin. Bax, bu gün biz sosial müdafiə sahəsini müzakirə edirik və hər kəs də öz fikrini konkret olaraq qeyd edir. İndi ola bilər, istənilən adam kənd təsərrüfatı, xarici işlər, nə bilim, başqa sahələrlə bağlı fikri varsa, onu ümumi qaydada desin. Yəni konkret hökumətin adına bunu ünvanlamasın. Çünki hökumətin yaxşı işləyən üzvü də var, pis işləyən də. Ona görə də kim pis işləyirsə, onun adını çəkin və sabah münasibətlərinizi də o cür qurun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Siyavuş müəllim. Mən indi baxıram ki, siyahıda 8 nəfərin adı var. Gündəlikdə də 4 məsələmiz var. Mən də hesab edirəm ki, 5 dəqiqəyə keçmək düzgün olar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli həmkarlar! Birinci, biz büdcənin müzakirəsində əhalinin sosial müdafiəsi ilə bağlı yetərincə fikirlər söyləmişdik. Başa düşüləndir ki, həmkarlarımız indi daha qısa iş rejimi işləyirlər. Ancaq Səlim müəllimin burada olmasına rəğmən həm nazirliyin işindəki dəyişiklikləri təqdir edən, həm də əhalinin iş yerlərinə sahiblənməsi və sairlə bağlı təkliflərin səslənməsinin heç bir ziyanı yoxdur.
Dünən hörmətli Əli Həsənov bir dövlət adamı olaraq burada çox dəyərli fikirlər səsləndirdi. Köçkünlərin həyatı, taleyi, keçilən yol, ümumiyyətlə, Azərbaycanın həyatı ilə bağlıdır.
Cənab Sədr, 5 dəqiqə deyil, elə deyilmi? 5 dəqiqədir?
Ulu öndərin 90-cı illərdə gördüyü işlərdən danışarkən Bərdənin adını çəkmək istəyirəm. Mən o bölgəni təmsil edirəm. Bir-iki dəfə parlamentdə o fikirləri səsləndirmiş-dim. 90-cı illərdə o bölgəyə gedəndə məndə həmişə yaranan fikir o olurdu ki, ölkəni bütövlükdə qatarlara, vaqonlara yükləyib harasa aparacaqlar.
Gerçəkdən də, biz böyük bir yol keçdik, Azərbaycanın həyatında köklü dəyişikliklər var. Bizim sosial müdafiəmizə də, iş yerlərinə də, əlillik dərəcələrinə də və sairəyə də Qarabağ müharibəsi böyük zərbə vurub. Birincisi, Qarabağ məsələsini nə qədər ki ortalıqdan bütövlükdə qaldıra bilməmişik, öz sosial müdafiəmizi ən yüksək nöqtəyə çatdıra bilməyəcəyik.
İkincisi, əlbəttə ki, iş yerlərinin yaradılması ilə bağlı hərənin müxtəlif təklifləri, fikirləri, mövqeləri var. Bundan ötrü əhalimizin artdığının fərqində olmalıyıq. Rusiyanın bir bazar olduğunun fərqində olmalıyıq. Biz eyforiya içərisində 200 illik keçilən yola baxıb da demək olar ki, rus dilini orta məktəblərdə ləğv etdik, o müəllimləri də iş yerlərindən kənarlaşdırdıq. Yalnız indiki dövrdə 6-cı sinifdə onu bir neçə saat bərpa etdik. Böyük əmək bazarında öz işçilərimizin aşağı kvalifikasiyada qalmasına sanki bununla təsir etdik.
Cənab Prezident Sabirabadda görüş keçirərkən sovet dövründə çox fəxarətli yerlərdə əyləşən iki əmək qəhrəmanımıza söz verildi. Ondan sonra mən virtual şəbəkələrə baxdım. O adamlar ki, doğrudan da, əməklə, istehsalla məşğul deyillər, bir əmək qəhrəmanına çevrilməyiblər, o pambıq ustalarına, o zəhmətə qatlaşan insanlara tənə edirdilər.
Bu gün Azərbaycan nəhayət, öz iqtisadi təyinatını tapmaqdadır. Biz “Boing” tipli təyyarələr istehsal edəsi deyilik, “Mercedes”in zavodu da artıq bizdən əvvəl tikilib qurtarıbdır, planşetlər, androidlər, sensetiv kommunikasiya vasitələri də yoxdur. Biz ölkənin neft resursundan düzgün istifadə etməyi bacarmalıyıq, çünki neft sektorunda əmək qabiliyyətli əhalinin bir faizi çalışır. Bu, təxminən 50 minə qədər insandır. Onlar ölkənin ümumi daxili məhsulunun 50 faizini yaradırlar. Ölkənin əmək qabiliyyətli əhalisinin 99 faizi isə büdcənin 10 faizini, ümumi daxili məhsulun 50 faizini yaradır. Deməli, bu nisbəti dəyişməliyik.
Mən bilmirəm ki, qeyd etdiyim çoxlu fikirlərin hansını önə çıxarım. Xüsusi olaraq, əlillərlə bağlı məsələyə toxunmaq istəyirəm. Əlbəttə, etiraf etmək lazımdır ki, hamımız o kompleksi yaşamaqdayıq. Əlillərlə münasibət necə olmalıdır, Azərbaycanda əlillərin sayı dünya ölkələri ilə müqayisədə proporsionalmı artır? Mən o rəqəmlərin hamısını burada qeyd etmişdim və istəyirdim, onları deyəm. Çox təəssüf olsun ki, üzərindən xətt çəkilən o 5 dəqiqədə hamısı getdi. Mən, ümumiyyətlə, bundan sonra fikirləri səsləndirmək istəmirəm, çünki öz arqumentlərimə və tezislərimə hörmətsiz yanaşmış olaram. Mən bu sənədə səs verəcəyəm, sağ olun.
Sədrlik edən. Zahid Oruc, 5 dəqiqə də artırıram, danış.
Z.Oruc. Çox sağ olun. Cənab Sədr, bu, parlamentdə diskussiya mühitini yaxşılaşdırmaqdır, parlament üzvlərinə cəmiyyətdən müsbət münasibət gətirməkdir, parlamenti dövlət quruculuğunda yararlı etməkdir və sair. Əlillərlə bağlı məsələni deyim. Əlbəttə ki, bundan əvvəlki dövrlərdə biz parlament üzvləri kimi cəmiyyətdən o problemləri almaqdaydıq. Hər birimiz bölgələrə gedəndə əlillik dərəcəsi ilə bağlı müraciətlərin şahidi idik. Ölkə başçısı hər nazirə eyni dərəcə etibar göstərir, etimad edir. Bəli, biz cəmiyyətin içərisindəyik, Səlim müəllim haqqında burada söylənilən fikirlər gerçəkdir, və həqiqətən də, bu sistemdə insan amilinin ortadan götürülməsi ciddi dəyişikliklər yaradıb.
Ancaq biz bütövlükdə əlillik problemini necə yoluna qoymalıyıq? Bəli, Qarabağ buna təsir edib, dedik, amma indi “əlil istehsal edən” mərkəzlər hansılardır? Birinci, yol qəzaları, hamımız bilirik ki, ona nə səbəb olur, ikinci, xəstəliklərin erkən aşkar olunub üzərinə gedə bilməməyimiz, üçüncü, inşaat sferasında yarananlar. O cümlədən biz əlillərin özünün gələcək həyatının quruculuğuna münasibəti normal, köklü şəkildə qura bilməmişik.
Mən indi Hadi müəllimdən soruşdum, bizdə müəssisələrdə belə bir kvota varmı ki, onlar işlə təmin olunsunlar? Deyildi ki, bir faizdir. Almaniyada 5 faizdir. Almaniyada 10 milyon əlil var, onun 1,2 milyonu işləyir. Orta məktəbdə hamı bir yerdə təhsil alır, sonra ali təhsilə yiyələnir və sair. Amma Azərbaycan cəmiyyəti içi mən daxil əlillərə, sadəcə, fiziki natamamlığı olan insanlar kimi baxa bilmirik. Görünür ki, bu münasibəti dəyişməliyik.
Dövlət çox böyük qüdrətli iş görür ki, onları evlə təmin edir. Amma hörmətli Səlim müəllim, belə fikirlər var ki, biz o əlilləri ayrıca bir bina ilə təmin edəndə sanki onlar cəmiyyətdən bir az da kənarlaşırlar. O qapısını açanda, qonşusunda da əlil görür, qolundan tutan bir insan görmür. Bunun belə deyək də, bədəninin bir hissəsində problem var, baxışı, təfəkkürü əlil deyil ki. Dünyada çox qüdrətli insanlar olub ki, bəşəriyyətə xidmət ediblər. Bu gün onlardan biri sağdır. Stiven Hokinq dünyanın ən böyük alimi hesab olunur. Bethoven kar idi, Ruzveltin əlil arabasında olması onun dördüncü dəfə Amerikanın prezidenti seçilməsinə mane olmadı. Başqa adları da çəkə bilərik. Onu demək istəyirəm ki, bəlkə o bir faizlik kvota ilə bərabər, bunu Qarabağ əlillərinə də şamil etməliyik. Onda artıq kimsə populizmlə məşğul olmaz.
Bir Qarabağ əlili icra hakimiyyəti başçısı təyin olunsun. Siz hələ onun xidmətlərini bir kənara qoyun, cəmiyyətin baxışlarını dəyişmək naminə bu, həyata keçirilməlidir. Ulu öndər İzzət Rüstəmovu həm də şəhid övladına görə Baş nazirin müavini təyin etmişdi. Dövlətin onlara münasibətini dəyişmişdi ki, insanlar da, cəmiyyət də dəyişsin. Biz elə avtobusda yer eləyəcəyikmi, onlara xüsusi bir zolaq olacaqmı – bu məsələnin ikinci tərəfidir. Hər bir cəmiyyətin gücü, mükəmməlliyi, keyfiyyəti, mənəvi böyüklüyü onlara münasibətlədir. Amma bir daha deyirəm, hamımızda o komplekslər var. Əlilin cəmiyyətə inteqrasiya olunması üçün bəlkə o yeni tikilmiş binalarda onlara da mənzil verək.
Hörmətli Səlim müəllim, şəhid ailələri ilə bağlı iki tək-lifimi səsləndirmək istəyirəm. Qarabağ əlilləri və şəhid ailələri. Şəhid ailələrinə 220 manat müavinət verilir. Onlar da əgər bir ailə tərkibində yaşayırlarsa, vəsait onların arasında bölünür. Bu, bir oğul məsələsində başa düşüləndir. 3 oğlu varsa, bu yalnız həyat yoldaşına şamil olunsun və bu problem ortadan qalxsın. Yəni o bölgüdə onun vəsaiti daha da azalır.
Qarabağ əlilləri təqaüdə çıxanda biz 50 manatı kəsirik. O 50 manatı Qarabağ uğrunda vuruşduğuna görə vermişdik. Artıq onu təftiş etmirik, 95 mindir. Bəli, etiraf etmək lazımdır ki, bu rəqəmin bir hissəsi saxtadır. Ya vəlvələdən, ya zəlzələdən gəlib belə olub. 95 min insan vuruş-saydı müharibədə uduzmazdıq, bu, dəqiqdir. Ancaq olub. Bu məsələnin üzərinə gedilmir. Hamı da, dövlət də hesab edir ki, bu, çox həssas məsələdir. Ona görə də o 50 manatın kəsilməsi məsələsinə baxmaq lazımdır. Cənab Sədr, bir daha təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayevanın sualı var idi, buyursun. 
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim hörmətli Səlim müəllimə 5 sualım var. 2017-ci il-də bu istiqamətdə nəzərdə tutulanların konkret açıqlaması cəmiyyətimiz üçün çox önəmli bir məsələdir. Mən həmkarlarıma qoşuluram, hamımız Səlim müəllimin fəaliyyətini yüksək qiymətləndiririk. Bu bir çox nazirliklərə ciddi örnək olma baxımından da çox önəmlidir, çünki nə zaman istəsək istənilən mövzuda müraciətlərimizə cavab ala bilirik.
Birinci məsələ. Bu, Səlim müəllim, çox ciddi məsələdir. Birinci qrup əlillərin müavinətləri yaşayış minimumundan da, ehtiyac meyarından da çox aşağı idi. Cənab Prezident sağ olsun ki, birinci qrup əlillərin aldığı ümumi vəsait həm təqaüd, həm də müavinət ölkə üzrə yaşayış minimumuna çatdırılmışdı. Bu, çox vacib məsələ idi. Bunun üçün cənab Prezidentə çox təşəkkür edirik, çünki birinci qrup əlillər, doğrudan da, çox ağır vəziyyətdədirlər, əksəriyyəti yataq xəstələridir.
İndi biz 2017-ci il üçün yaşayış minimumunu 140 manatdan 155 manata qaldırırıq. Bir azdan bu məsələ müzakirə ediləcək. Bəs buna adekvat olaraq birinci qrup əlillərin alacağı ümumi vəsaitin, heç olmasa, ölkə üzrə yaşayış minimumuna, yəni 155 manata çatdırılması gözlənilirmi? Yenə vurğulayıram, devalvasiya və elektrikin, qazın qiymətinin qalxması fonunda birinci qrup əlillərin sosial müdafiəsini düşünmək zorundayıq, çünki bunlar işləyə, çalışa bilmirlər və bu, ciddi məsələdir.
İkinci, ölkəmizdəki 570 min əlilin 67 mini 18 yaşına çatmayan uşaqlardır. 18 yaşına çatmayan deyirik, amma 15–16 yaşında uşaqların artıq böyük insani tələbatları, ehtiyacları olur. Bunların dərmanlara və digər məsələlərə çox ciddi ehtiyacları var. Onlar 67 manat alırlar. Bunun, heç olmasa, ehtiyac meyarına çatdırılması istiqamətində düşünülürmü? Çünki bunların ikisi, hesab edirəm, ən ciddi kateqoriyadır. Birinci qrup əlillərin və 18 yaşına çatmayan uşaqların aldığı müavinətlər barədə ciddi fikirləşməliyik.
Üçüncü məsələ yaşa görə pensiyalarla bağlıdır. Mən rayonda seçicilərlə görüşəndə seçicilərimdən biri məndən soruşdu ki, Qənirə xanım, siz pensiya alan ananıza kömək edirsiniz? Bəli, kömək edirəm dedim. Çünki anam müəllimə işləsə də, əmək pensiyası alsa da, ona kömək etməsək, çox çətin olar. Döndü mənə dedi ki, mənim bir övladım var idi, onu da itirmişəm. Nəvələrimə kömək etmək istəyirəm, amma 67 manat müavinət alıram. Bu müavinətlərin artırılması istiqamətində nəsə gözlənilirmi?
Dördüncü sualım isə əlillərin məşğulluğu ilə bağlıdır. Səlim müəllim, rəsmi statistikaya görə əlillər ölkə əhalisinin 6 faizini təşkil edir. Onların cəmi 5 faizi işləyir. 40 mindən yuxarı gözdən əlilin, sadəcə, iki faizi işləyir. Biz bilirik ki, əlillərin çalışması, işləməsi istiqamətində çox işlər görürsünüz. Amma “Məşğulluq haqqında” Qanunun, əlillərlə bağlı kvotaların yerinə yetirməsi məsələsində ciddi problem var. Bununla bağlı nazirlik 2017-ci ildə bir proqram nəzərdə tuturmu? Ən azı bu kvotalar yerinə yetirilsin ki, əlillərin işlə təminatında problem yaranmasın.
Sonuncu sualımı səsləndirirəm. Təbii ki, hamımız sahibkarlığın inkişafını istəyirik. Sahibkarlığa dəstək ölkəmizdə yeni iş yerlərinin açılması deməkdir. Amma sahibkarlar da işə götürdükləri insanların hüquqlarına ciddi yanaşmalıdırlar. İndi hamımız sahibkarlıqla bağlı süni yoxlamaların əleyhinəyik və sair. Biz hamımız bunun tərəfindəyik, amma bu gün bizə əmək müqaviləsi olmadan işləyən xeyli insan müraciət edir. Onlar soruşurlar ki, sabah nə edəcəyik? Siz bu məsələyə həmişə önəm verirsiniz. Sabah bu insanlara pensiya vermək lazım gələndə onların aqibəti necə olacaq? Bu insanlar əmək müqaviləsi olmadan çalışdıqlarına görə işdən uzaqlaşdırılanda onların hüquqlarını qorumaq da olmur. Əmək Müfəttişliyinin 2017-ci ildə bununla bağlı bir proqram varmı? Bu işçilərin hüquqlarının qorunması sabah üçün də lazımdır.
Sədrlik edən. Qənirə xanım, sual vermək üçün yazıldın, amma çıxış elədin. Çıxış üçün təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Allah qoysa, ayın 16-da qəbul edəcəyik.
Gündəliyin növbəti məsələsinin – Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimum haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Artıq müzakirələrdə yaşayış minimumu haqqında kifayət qədər məlumat verildi. Cənab Prezident tərəfindən təqdim edilmiş büdcə zərfinə daxil olan materiallarda qeyd olunur ki, növbəti il üçün yaşayış minimumu ölkə üzrə 155 manat, əmək qabiliyyətli əhali üçün 164,5 manat, pensiyaçılar üçün 130,2 manat, uşaqlar üçün 136,6 manat məbləğində müəyyən edilsin. Əvvəlki illərə nisbətən artım nəzərdə tutulmuşdur. İstərdim ki, bu qanun layihəsinə səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Əli Məsimli.
Ə.Məsimli. Çox sağ olun, cənab Sədr. Yaşayış minimumu deyəndə biz minimum tələbatı ödəmək üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları, xidmətlər, bir də, icbari transfertləri nəzərdə tuturuq. Bu nöqteyi-nəzərdən yanaşanda “yaşayış minimumunun 136 manatdan 155 manata çatdırılması həmin minimum tələbatı ödəyə biləcəkmi” sualına, mənə elə gəlir ki, reallıqdan çıxış eləsək, “yox” cavabı verməliyik. Əgər Həmkarlar İttifaqları Konfederasiyası ilə Nazirlər Kabinetinin və sahibkarların birgə müqavilələrindən də çıxış eləsək, yenə də müsbət cavab vermək mümkün deyil. Bu rəqəm 155 manatdan haradasa 30 faiz çoxdur.
Oqtay müəllim, bir vacib məqamı qeyd edim. Bizdə yaşayış minimumu 136 manat olanda yoxsulların xüsusi çəkisi 5 faiz idi. Dünya Bankı bunu kritik yoxsullar hesab edirdi və bu 450 min nəfərdən bir az çox idi. Bunlar ünvanlı sosial yardımla təmin olunurdular. İndi biz bunu 155 manata qaldırırıq. Belə olanda yoxsulluq həddinə çatan insanların sayı 16 faizdən yuxarıya qalxır. 16 faiz təqribən 1 milyondan çox adamın ora əlavə olunması deməkdir. 1,6 milyon adamı artıq ünvanlı sosial yardımla təmin eləmək mümkün deyil. Ona görə belə bir məsələ ilə bağlı əlavə təhlillər aparmağa ehtiyac var. Həmin təhlillər aparılsın və bir neçə istiqamətdə əlavə təkliflər hazırlansın.
Bu təkliflərin biri ondan ibarətdir ki, nə qədər əlavə ünvanlı sosial yardım verilsə də, yenə də o yoxsulların bir hissəsinin problemi açıq qalacaq. 2016-cı ildə gəlirlərin 5 faiz, 2017-ci ildə isə 3,1 faiz aşağı düşməsi planlaşdırılır. Amma işığın və qazın qiyməti qalxandan sonra əhalinin gəlirləri 3,1 faiz deyil, ondan bir neçə qat aşağı düşəcək. Belə bir şəraitdə yoxsullaşmış əhalinin sosial müdafiəsini təmin eləmək üçün işıq və qazdan gələn 300 milyon manat kifayət eləməyəcək. Əlavə vəsaitin tapılması üçün struktura yenidən baxmaq lazımdır. Büdcə xərclərinin 4 manatından yalnız 1 manatı əməyin ödənilməsinə gedir. Hesab edirəm ki, buna ciddi sürətdə yenidən baxılmalı və strukturu dəyişmək istiqamətində addımlar atılmalıdır.
İkinci, müavinətlər, pensiyalar qalxacaq. Haradasa bu indeksləşmə də 11–12 faizdən artıq ola bilməz. 11–12 faiz isə həmin qiymət artımını örtən rəqəm deyil. İndi əgər həkimlərin xeyli hissəsi 200 manat, elm, mədəniyyət, incəsənət sahəsində çalışanların xeyli hissəsi 250–300 manat, maaşları artandan sonra müəllimlər 300 manat alırsa, yenə də bu insanların maaşlarının artırılması davam edəcək. Amma elm, mədəniyyət, incəsənət sahəsində çalışanların, həkimlərin, az maaşlı təbəqənin maaşlarının artırılması üçün də əlavə tədbirlərin görülməsinə ehtiyac olacaq. Ona görə ki, bir neçə il artıq gəlirlərin artmasından deyil, gəlirlərin aşağı düşməsindən söhbət gedir. Hesab edirəm ki, Səlim müəllimin fonduna da dövlət büdcəsindən əlavə dəstəyin verilməsinə ehtiyac olacaq.
Burada fəxr ilə deyilir ki, transfertlər azalır. Amma böhran vaxtında transfertlərin artırılmasına ehtiyac var ki, bir müddətdən sonra indi təriflədiyimiz həmin Dövlət Sosial Müdafiə Fondu ciddi problemlərlə qarşılaşmasın. Hesab edirəm ki, Azərbaycanın kifayət qədər imkanı var. Oqtay müəllim, Azərbaycanın nefti maya dəyərindən 3 dəfə baha satılır və hesab edirəm ki, kifayət qədər yüksək qiymətdir. Əgər talançılıq, korrupsiya, monopoliya və sairə yığışdırılsa, özünün maya dəyərindən 3 dəfə baha satılan neftin, həmin vəsaitin hesabına problemlərimizi xeyli dərəcədə yumşaltmaq olar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Bu “korrupsiya” sözündən hamınızın çox xoşu gəlir. Biriniz 3 dəfəyə, digəriniz 4 dəfəyə qaldırırsınız. Dediniz ki, qiyməti maya dəyərindən 3 dəfə çoxdur. Dənizdə çıxarılan neft ilə quruda çıxarılan neftin arasında fərq var, bir yerdə götür, 3 dəfə olmayacaq. Rəşad Mahmudov.
R.Mahmudov. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar, möhtərəm qonaqlar! Mən birbaşa yaşayış minimumu ilə bağlı deyil, yaşayış üçün lazım olan minimum bir səhiyyə məsələsi ilə əlaqədar konkret düşüncəmi və təklifimi söyləmək istəyirəm. Hamınıza məlumdur ki, böhranlar problemlərlə yanaşı, iqtisadiyyatın inkişafı üçün də bir stimul yaradır. Arzumuz odur ki, maddi böhranlar bizi heç bir zaman ruhi böhranlara soxmasın. Mən düşünürəm ki, Azərbaycan dövlətçiliyi, Azərbaycanın bu günə qədər gəldiyi yol həm seçmiş olduğumuz Heydər Əliyev yolunun davamçıları, həm də Prezidentimizin müəyyənləşdirdiyi dəyərlər olaraq gələcəyə problemsiz bir şəkildə getmək üçün böyük bir fürsətdir. Bu müzakirələr də bizi inamlı bir şəkildə daha sağlam dövlətçilik prinsipləri üzərində inkişafa sövq edəcək.
Həmkarlarım da mənimlə razılaşar ki, bu gün biz burada daha çox problemlərdən yox, onların həlli yollarından danışmalıyıq. Mən səhiyyə işçisi olduğuma görə səhiyyə ilə bağlı bir fikri bölüşmək istəyirəm. Bununla əlaqədar aidiyyəti qurumların da bu işə dəstək vermələrini arzu edirəm. Əlbəttə ki, ölkəmizdə səhiyyə ilə əlaqədar problemlərin həlli istiqamətində işlər davam edir. Hər kəs də əksiklərin fərgindədir. Buna görə də lazımi addımlar atılır.
Deyəcəyim təklif həm əlilləri, həm pensiyaçıları, həm məcburi köçkünləri, həm də həkim və müəllimləri – cəmiyyətin hər bir üzvünü əhatə edir. Biz bir çox xəstəliklərdən danışırıq. Bu gün Dünya Səhiyyə Təşkilatının verdiyi bilgiyə görə ürək-damar xəstəlikləri dünyada bir nömrəli problem olaraq qalır. Ürək-damar xəstəliklərindən söhbət açmaq istəmirəm. Mənim əsas vurğulamaq istədiyim və həllini təklif etdiyim məsələ başqadır. Ölkəmizdə keçən il insan ölümlərinin 57 faizi ani ürək tutmasından və ürək-damarqan sisteminin zədələnməsindən baş verib. Bunların içərisində çox az sayda insan var ki, kəskin infarkt zamanı onlara iki saatın içində yüksək texnoloji müdaxilə olunduğu zaman həyata qaytarmaq mümkündür. Bu insanlara həmin anda, yəni 2 saatın içində müdaxilə olunmalıdır.
Bunu vaxtında su verilməyən ağacla müqayisə etmək olar. Zamanında suyu verilməyən ağac quruyur. Zamanında su verilsə, ağacı yenidən dirçəltmək mümkündür. Bu məsələ 2017-ci ildə olmasa da, 2018-ci ildə xərclərimizin azalmasına səbəb ola bilər. İnfarkt nəticəsində il ərzində xəstəxanaya düşən 10–15 min insanın, sadəcə, həyata qayıtmasından söhbət getmir, onlar həm də birinci qrup əlil olurlar. Artıq dünya ölkələrinin 80 faizində “Stend forlife” deyilən bir proqram qəbul edilib. Bunu ölkəmizdə də tətbiq etmək üçün bütün imkanlar var. Maddi-texniki bazası olan xəstəxanalar var. Rayonlarda insanları bir saat ərzində bu mərkəzlərə çatdırmaq imkanı var. Bu, yeganə xəstəlikdir ki, 1–2 saat keçdikdən sonra müdaxilələrin heç bir mənası olmur. Düşünürəm ki, il ərzində 10–15 min insanın həyata qaytarılmasını və onların gələcəkdə əlil olaraq dövlətə daha çox xərc gətirməsini nəzərə alaraq bu məsələnin həllində çıxış yolları tapa bilərik. Burada oturan hər bir insanı əmin edə bilərəm ki, Azərbaycan səhiyyəsində bu problemləri həll edə biləcək sistem var.
Sədrlik edən. Çox sağ olun, Rəşad müəllim. Fikirlərinizi dediniz. Səhiyyə və maliyyə nazirləri ilə danışarıq. Fikirlərinizi yazın, verin. Aydın Hüseynov buyursun.
A.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! İnflyasiya və digər amillər nəzərə alınaraq yaşayış minimumunun artırılmasını müsbət hesab edirəm və qısaca fikirlərimi qeyd etmək istəyirəm. Biz dövlət rüsumları və digər cərimələri ödəyərkən rəqəmlər götürürük. Mən belə fikirləşirəm ki, bu kimi cərimələr, xüsusilə dövlət rüsumları ödənərkən ölçü meyarı olaraq yaşayış minimumunun götürülməsi və ona müvafiq də hesablanması daha məqsədəmüvafiq olar. Nə mənada? Biz 2017-ci ilin dövlət büdcəsinin gəlirlərinə baxanda görürük ki, məsələn, rüsumlarda heç bir dinamika yoxdur. 2016-cı il üçün 105 min milyondur. Bu rəqəm 2017-ci il üçün də həmin səviyyədə qalır. Biz əgər yaşayış minimumu 15 faiz artırmışıqsa, deməli, analoji olaraq rüsumların da artırılması həmin dinamikaya gətirib çıxarar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Növbəti məsələ Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqındadır. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli. Minnətdaram, cənab Sədr. Yadınıza gəlirsə, bizə paylanan ilkin variantda bu rəqəm 105 manat məbləğində müəyyənləşmişdi. Mən bir daha möhtərəm Prezidentimizə minnətdarlığımı bildirmək istəyirəm ki, büdcənin müzakirəsi başlanan gündən gündəmə gələn bu rəqəm nəhayət, 116 manat məbləğinə çatdırıldı. Əlbəttə, bu, ünvanlı sosial yardımın təyin edilməsi üçün müəyyənləşən rəqəmdir. Təsəvvür edin ki, bu rəqəmin artması hesabına əhalinin ünvanlı yardım alan və sosial cəhətdən az qorunan hissəsininin miqdarı da xeyli artacaq. Bu da ölkədə sosial müdafiənin güclənməsinə xidmət edəcək. Mən deputat həmkarlarımdan xahiş edirəm ki, bu məbləğə səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələlər dekabr ayının 16-da hökumət Milli Məclisdə hesabat verəndə səsverməyə qoyulacaq. Gündəliyin növbəti məsələsi Milli Məclisin 2017-ci il üçün xərclər smetası haqqındadır. Buyursun Firudin Hacıyev.
F.Hacıyev, Milli Məclisin İşlər müdiri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli deputatlar! Bildiyiniz kimi, Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin 52-ci maddəsinə əsasən Milli Məclisin xərclər smetası növbəti ilin dövlət büdcəsinə baxılarkən təsdiq edilir. Gələn il üçün tərtib olunmuş xərclər smetasının layihəsi sizə təqdim edilmişdir. Milli Məclisin və onun aparatının 2017-ci il üçün xərclər smetasının layihəsi mövcud qanunvericilikdə nəzərdə tutulmuş qaydalara uyğun olaraq ştat cədvəlləri, inzibati binaların mühəndis qurğularına xidmət göstərən təşkilatlarla bağlanmış müqavilələr və proqnozlar əsasında tərtib edilmişdir.
Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsində Milli Məclisin və onun aparatının saxlanması üçün 23 milyon 89 min 714 manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2016-cı illə müqayisədə 394 min 780 manat çoxdur. Bildiyiniz kimi, xərclər smetasının ümumi dəyərinin 71,5 faizini əmək haqqı fondu və əmək haqqı ilə əlaqədar ayırmalar təşkil edir.
Son illər ölkədə aparılan məqsədyönlü siyasətin nəticəsi olaraq Azərbaycan parlamentinə xarici ölkələrdən gələn qonaqların və Milli Məclis  deputatlarının xarici səfərlərinin, eləcə də ölkədaxili ezamiyyələrin sayı xeyli artmışdır. Bununla bağlı 2017-ci ilin xərclər smetasının “Ezamiyyə xərcləri” köməkçi bölməsi üzrə 1 milyon 110 min 900 manat məbləğində vəsait ayrılması nəzərdə tutulmuşdur ki, bu da keçən illə müqayisədə eynidir.
Diqqətinizə çatdırmaq istəyirəm ki, 2017-ci ilin xərclər smetasında “Rabitə xidmətləri haqqının ödənilməsi” yarımmaddəsi üzrə 217 min 500 manat, “İnventarın alınması” yarımmaddəsi üzrə 200 min manat, “Avadanlığın alınması” yarımmaddəsi üzrə 286 min 200 manat, “Digər alışlar və xidmətlər” yarımmaddəsi, Milli Məclisə gələn nümayəndə heyətlərinin mehmanxana xərcləri və sair xidmətlərin ödənilməsi üçün 900 min manat, “Digər maşın və avadanlıqlar” yarımmaddəsi üzrə isə 405 min manat vəsait nəzərdə tutulmuşdur.
Hörmətli Samir müəllim, Avropa İttifaqı Azərbaycan parlament əməkdaşlıq komitəsinin üzvlərindən ibarət nümayəndə heyətinin 20 sentyabr 2016-cı il tarixdə ölkəmizə rəsmi səfərindən sonra qarşılıqlı əməkdaşlığın, habelə Avronest Parlament Assambleyasında nümayəndə heyətinin tam tərkibdə iştirakının yenidən bərpa olunması ilə əlaqədar rəsmi səfərlərin çoxalmasını nəzərə alaraq 2017-ci ilin xərclər smetasında “Ezamiyyə xərcləri” köməkçi bölməsinə 300 min manat əlavə vəsaitin ayrılmasına göstəriş verməyinizi xahiş edirəm.
Bundan başqa, “İnventarların alınması” yarımmaddəsinə 200 min manat, “Avadanlığın alınması” yarımmaddəsinə 50 min manat, “Digər alışlar və xidmətlər” yarımmaddəsinə 100 min manat, “Digər maşın və avadanlıqlar” yarımmaddəsinə isə 200 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm.
Hörmətli Samir müəllim, 2016-cı ilin xərclər smetasında “Ezamiyyə xərcləri” köməkçi bölməsində xarici ezamiyyələrin çox olması, manatın məzənnəsinin aşağı düşməsi və maliyyə vəsaitinin çatışmazlığı ilə əlaqədar cari ilin xərclər smetasına 140 min manat əlavə vəsaitin ayrılmasına köməklik göstərməyinizi sizdən xahiş edirəm.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin sərəncamı ilə Milli Məclisin inzibati binalarında, həyətyanı sahədə, avtoparkda yenidənqurma işlərinin aparılması və Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinin inzibati binasının tikintisinə vəsait ayrılmışdır. Ayrılmış vəsait hesabına Türkdilli Ölkələrin Parlament Assambleyasının Katibliyinin ümumi sahəsi 1500 kvadrat metr olan 4 mərtəbəli inzibati binasının inşa edilərək cari ilin dekabr ayında türk dilli ölkələrin parlamentlərinin sədrlərinin  iştirakı ilə açılışı nəzərdə tutulmuşdur. O cümlədən Milli Məclisin avtoparkının ikinci hissəsi tam sökülərək təsdiq edilmiş yeni layihə üzrə avtomaşınların saxlanılması üçün sahəsi 1450 kvadratmetr olan əlavə korpusun, nahar fasiləsi zamanı yeməkxanada yer çatışmazlığı ilə əlaqədar iaşə xidmətinin daha da yaxşılaşdırılması üçün sahəsi 700 kvadrat metr olan inzibati binanın ikinci mərtəbəsində inşa edilmiş keçid vasitəsi ilə birləşdirilmiş yeni və müasir yeməkxananın 2017-ci ildə tam tikilib istifadəyə verilməsi nəzərdə tutulmuşdur. Bildirmək istəyirəm ki, Milli Məclisin inzibati binalarında, iclas zallarında, həyətyanı sahədə, maşın zalında və avtoparkda mütəmadi olaraq yenidənqurma işləri bu gün də davam etdirilməkdədir. 
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!   2017-ci ilin dövlət büdcəsində Milli Məclis üçün nəzərdə tutulmuş xərclər smetasına dair əlavə açıqlamaya ehtiyac olduğu təqdirdə suallarınıza cavab verməyə hazıram. Sizdən Milli Məclisin 2017-ci il üçün xərclər smetasının layihəsini təsdiq edilməsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram. 
Sədrlik edən. Sağ olun. Firudin müəllim, çıxışında bir cümlə işlətdin ki, bu il Milli Məclisin büdcəsi 391 min manat artıb. Camaat deyəcək ki, Milli Məclisin büdcəsini artırıblar. Bu artım heç sənin işıq puluna çatmayacaq. Yəni artım yoxdur.
Həqiqətən, keçən illər Milli Məclis çox böyük səylər nəticəsində ezamiyyə xərclərini bir az aşağı salmışdı. Ezamiyyə xərcləri bizə çatmırdı. Biz büdcəni keçən ilin noyabr ayında qəbul etmişdik, amma noyabr ayından sonra 2 dəfə devalvasiya oldu. Bizdə dövlət təşkilatları içərisində ən çox xaricə ezamiyyətə gedənlər, beynəlxalq təşkilatlara işləyənlər Milli Məclisin nümayəndə heyətləridir.
İkinci, bu ildən 2 parlament nümayəndə heyəti – Avro-nest Parlament Assambleyasındakı nümayəndə heyəti və Avropa İttifaqı – Azərbaycan parlament əməkdaşlığı komitəsi yenidən fəaliyyətə başlayır. Mən Baş nazirə də məktub yazmışam, Samir Şərifova da demişəm, ezamiyyət xərcləri məsələsi qaydaya salınmalıdır.  Çünki Milli Məclis beynəlxalq təşkilatlarda iştirak etməsə, onun işləri axsayar.
Samir müəllim iclasda yoxdur, icazə alıb, ona görə müavinindən xahiş edirəm ki, bu məsələni bir daha onun diqqətinə çatdırsın. Ayın 16-da bu məsələ diqqət mərkəzində olsun.
Əgər başqa sual yoxdursa, Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında məsələyə keçək. Buyursun Vüqar Gülməmmədov.
V.Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Təşəkkür edirəm, cənab Sədr.  Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Hesablama Palatasının   2017-ci il  üçün büdcəsinin layihəsi sizə təqdim edilib. Layihə sənədlərinə əsasən Hesablama  Palatasının saxlanması üçün növbəti ildə  3 milyon 812,8 min manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur ki, bu da 2016-cı ilin proqnoz göstəricilərinə nisbətən 0,8 faiz artıqdır. Artıq olan vəsait tam şəkildə dövlət qulluqçularının müavinət xərcləri ilə bağlıdır.
Tarif Şurasının  kommunal və kommunikasiya xidmətləri ilə bağlı verdiyi qərarlara əsasən olan artımlar isə Hesablama Palatasının digər xərcləri hesabına kompensasiya ediləcək. Bir vacib məsələni də qeyd edim ki, Hesablama Palatasının saxlanması üçün sərf olunan vəsaitin təqribən 83 faizdən bir qədər artıq hissəsi onun əmək haqqı xərclərini təşkil edir. Ona görə də hörmətli millət vəkillərindən Hesablama Palatasının xərclər smetasını dəstəkləməyi xahiş edirəm. Diqqətinizə görə təşəkkür edirəm.   
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, iclasımızı yekunlaşdıraq. Ümumiyyətlə, dekabrın 16-da hökumət tərəfindən büdcə burada bir daha müzakirə olunacaq. Çox sağ olun.

 

 

 

 

 

 


EDİLMƏMİŞ
ÇIXIŞLARIN MƏTNLƏRİ

8 dekabr 2016-cı il
______________________

Ülviyyə Ağayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökümət üzvləri! Müzakirələr zamanı hörmətli həmkarlarım çox vacib məsələlərə toxundular, dəyərli fikirlər irəli sürdülər və Azərbaycanın qazandığı uğurlardan danışdılar.
 Mən vaxtın azlığını nəzərə alaraq birbaşa 2 məsələyə toxunmaq istəyirəm. İlk növbədə xahiş etmək istərdim ki, 2017-ci ilin dövlət büdcəsinin layihəsində qəzalı vəziyyətdə olan və əsaslı təmirə ehtiyacı olan məktəb və bağçalar da nəzərə alınsın. Regionlarda müasir standartlara cavab verən çox gözəl məktəb və bağçalarımız var, lakin acınacaqlı vəziyyətdə olan məktəb və bağçaların da sayı az deyil.
 Təkcə Tovuz rayonunda 13 məktəb qəzalı vəziyyətdədir, 25 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır. 40 uşaq bağçasından 9-u qəzalı vəziyyətdədir, 27 uşaq bağçasının isə əsaslı təmirə ehtiyacı vardır.
Ağstafa rayonunda 13 məktəb qəzalı vəziyyətdədir, 12 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır. 26 uşaq bağçası qəzalı vəziyyətdədir, 5 uşaq bağçasının isə əsaslı təmirə ehtiyacı vardır.
Qazax rayonunda 5 məktəb qəzalı vəziyyətdədir, 7 məktəbin isə əsaslı təmirə ehtiyacı vardır. 18 uşaq bağçası qəzalı vəziyyətdədir, 3 uşaq bağçasının isə əsaslı təmirə ehtiyacı vardır.
Mən əminəm ki, digər rayonlarda da qəzalı vəziyyətdə və əsaslı təmirə ehtiyacı olan məktəb və bağçaların sayı az deyil.  Mövcud maliyyə çətinlikləri hamıya məlumdur. Lakin söhbət uşaqlardan gedirsə, məncə, məsələyə daha həssas yanaşma olmalıdır.
  İkinci deyəcəyim məsələ mədəniyyət sahəsi ilə bağlıdır. Azərbaycan dünyada zəngin mədəni tarixi olan dövlətlərdən biridir. Bu gün müharibə şəraitində yaşayırıq və hamımız gözəl bilirik ki, bədnam qonşularımız, sadəcə, torpaqlarımza deyil, mədəniyyətimizə də iddialıdırlar. Musiqimizə, musiqi alətlərimizə, mətbəximizə iddialıdırlar. Düşünürəm ki, mədəniyyət sahəsinə əvvəlki illərdən daha artıq diqqət yetirilməlidir.
 Xahiş etmək istərdim ki, Azərbaycan Milli Kulinariya Mərkəzinə ayrılan vəsait bir daha nəzərdən keçirilsin. Mən maraqlanmışam,  büdcədən AMKM-ə ildə 180.000 manat vəsait ayrılır. Bu məbləğə mərkəzin yerləşdiyi məkanın icarə haqqı, işçilərin maaşı və s. daxildir. Manatın devalvasiyadan sonra mərkəzin təyinatı üzrə fəaliyyət göstərməsi üçün qalan məbləğ olduqca cüzidir.
 Azərbaycanın hüdudlarından kənarda keçirilən milli mətbəxi təbliğ edən beynəlxalq müsabiqələrə, tədbirlərə Azərbaycan tərəfi qatılmadıqda, bu boşluqdan düşmən öz maraqlarına uyğun faydalanır.  Burda söhbət, sadəcə, hansısa mərkəzə ayrılan vəsaitin azlığından getmir, mərkəzin üzərinə düşən məsuliyyət və öhdəlikləri həyata keçirmək üçün yaradılan imkandan gedir.
Mən də həmkarlarımla həmrəy olaraq düşünürəm ki, 2017-ci ilin büdcəsi mövcud reallıq nəzərə alınmaqla kifayət qədər peşəkar hazırlanıb və onun qəbul olunmasına səs verəcəm. Diqqətinizə görə təşəkkür edirəm!
Sona Əliyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən 99 saylı Şəmkir kənd seçki dairəsini təmsil edirəm və seçicilərin müraciəti əsasında nəinki təmsil etdiyim rayonda, eləcə də başqa bölgələrdə müşahidə olunan bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Şəmkir rayonunun dağlıq ərazisində yerləşəm 16 tibb müəssisəsində 5 ştat həkim və 18 ştat tibb bacısı vəzifəsi boşdur. Dağ kəndlərində elə tibb məntəqəsi var ki, orada nəinki həkim, heç ilkin tibbi yardıma ehtiyacı olan insanlara kömək edəcək tibb bacısı da yoxdur. Məsələn, Şəmkirin mərkəzindən onlarca kilometr aralıda yerləşən Dağ Daşbulaq kəndində hər hansı bir sakinin həyatı üçün təhlükə yaransa, təcili tibbi yardımın o kəndə gəlməsinə ən azı 1,5 saat vaxt lazımdır. Həmin kənddə tibb məntəqəsi olmasına baxmayaraq, bir tibb işçisi belə yoxdur. Bu həmin kəndlərdə yaşayan insanları ciddi narahat edir.
Qeyd etmək lazımdır ki, 2014-cü ildən Azərbaycanda rezidenturanı bitirən şəxslərin təyinatla iş yerlərinə göndərilməsi prosesinə başlanılmışdır. Bu qərardan sonra Azərbaycan Tibb Universitetini bitirən məzunlar Səhiyyə Nazirliyi tərəfindən elan edilmiş vakant yerlərə işə qəbul olunmaq üçün mərkəzləşdirilmiş qaydada keçirilən müsabiqədə iştirak edirlər. Bu çox müsbət addımdır və bunu yüksək qiymətləndiririk. Təklif edərdim ki, bu problemin həlli istiqamətində digər stimullaşdırıcı tədbirlər də həyata keçirilsin və mərkəzdən kənar yerlərdə işləmək üçün maraq yaransın. Dağ kəndlərinə təyinatla gedən tibb personalına imtiyazlar, güzəştlər müəyyən edilsin, eləcə də əmək haqqına əlavələr, yol pulu kimi xərclər büdcədə nəzərə alınsın. Bu islahatlar təhsil sahəsində aparılmış və artıq öz müsbət nəticəsini verməkdədir. Düşünürəm ki, bu təcrübədən eyni qaydada səhiyyə sahəsində də yararlanmaq olar.
Eyni zamanda, onu da qeyd etmək istəyirəm ki, Şəmkir rayonunun məktəblərində istilik təchizatı ilə bağlı problemlər mövcuddur. 78 məktəbin 39-u odunla qızdırılır ki, bunun da tədrisin vəziyyətinə təsirini təsəvvür etmək çox çətin deyil. Həmin məktəblərin həm də əsaslı təmirə ehtiyacı var. Qaranüy, Yuxarı Çaykənd, Çinarlı və Zəyəm Cırdaxan məktəbləri qəzalı vəziyyətdədir. Çinarlı və Zəyəm Cırdaxan məktəblərində şagird kontingentinin sayı 500-dən yuxarıdır.
Sovet dönəmindən mövcud olan 53 uşaq bağçasının yeddisi birtipli layihə üzrə tikilmiş, digərləri uyğunlaşdırılmış binalarda yerləşdirilmişdir. 2015–2016-cı illər ərzində bir bağça yenidən tikilmiş, ikisi əsaslı təmir olunmuş, birinin isə dam örtüyü dəyişdirilmişdir. Yerdə qalan bağçalarda isə əsaslı təmirə və istilik sisteminin yenidən qurulmasına ciddi ehtiyac var. Təbii ki, aparılan islahatlar nəticəsində təhsil müəssisələrinin yenidən qurulması daim nəzərdə saxlanılır və sosialyönümlü büdcənin hazırlanması da bu məqsədə xidmət edən məqamlardandır. Bu problemlərin zamanla mərhələli şəkildə aradan qaldırılması qarşıya qoyulan məqsədlərdən biridir. Hökumət üzvlərindən xahiş etmək istərdim ki, şagird və pedaqoqların həyatına təhlükə yaradacaq təhsil müəssisələrinin tikintisini 2017-ci ilin büdcəsində nəzərə alsınlar.
Bildiyiniz kimi, Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında dövlət başçısı tərəfindən kənd təsərrüfatının inkişafının, ərzaq təhlükəsizliyinin bizim üçün həmişə prioritet olduğu bildirilmiş, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalının artırılması, əkin sahələrinin dövriyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, xüsusilə pambıqçılığın, tütünçülüyün, üzümçülüyün, baramaçılığın inkişaf etdirilməsi üçün qarşımıza mühüm vəzifələr qoyulmuşdur.
Respublikanın ən iri aqrar rayonlarından biri də Şəmkirdir. Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Rayon üzrə 1515 ha ərazidə istilikxanalar fəaliyyət göstərir. Bundan başqa, kənd təsərrüfatına yararlı torpaqlar əhali tərəfindən kütləvi şəkildə əkilib-becərilir. Eləcə də, Şəmkir bələdiyyəsi tərəfindən təsis edilmiş “Ceyrançöl” MMC-nin nəzdində rayonun Ceyrançöl ərazisində cari ildə kənd təsərrüfatına yararlı 2000 hektar torpaq sahəsində iri nümunəvi taxılçılıq, bitkiçilik təsərrüfatı yaradılmışdır. Rayonun iqtisadiyyatında ənənəvi olaraq taxılçılıq, kartofçuluq, tərəvəzçilik, üzümçülük və heyvandarlıq sahəsi aparıcı rol oynayır. Eyni zamanda, rayonun təsərrüfatlarında meyvə, bostan və günəbaxan məhsulları da istehsal olunur.
Şəmkir rayonu da daxil olmaqla, ölkəmizin ərazisi quraq və arid zonada yerləşdiyinə görə burada suvarma aparılmadan, meliorasiya və su təsərrüfatını inkişaf etdirmədən kənd təsərrüfatı məhsullarını yetişdirib, yüksək məhsuldarlığa nail olmaq mümkün deyil. “Bol su – bol ərzaq” mütənasibliyini nəzərə alaraq, əkin sahələrinin suvarma suyu ilə təminatını yaxşılaşdırmaq, münbit torpaqların əkin dövriyyəsinə daxil etmək məqsədilə mövcud meliorasiya və irriqasiya sistemlərinin yenidən qurulması, qorunub saxlanılması, onların lazımi səviyyədə istismarının həyata keçirilməsi istiqamətində işlərin aparılmasına nəzarəti həyata keçirmək, eləcə də bu sahəyə ayrılmış büdcənin mövcud tələb və zərurətlər reallığında səmərəli istifadəsinə nail olmaq mühüm məsələlərdən biridir.
Ən sonda hörmətli həmkarım Məlahət xanımın səsləndirdiyi məsələyə toxunmaq istəyirəm. Rayonun Sarıtəpə kəndində beynəlxalq təşkilatın donorluğu ilə qazılmış iki subartezian quyusu elektrik enerjisi ilə təmin edilməyindən, suya ciddi ehtiyacı olan kənd əhalisi tərəfindən istifadə olunmur. Təklif edərdim ki, bu tipli sosialyönümlü layihələrin reallaşması üçün “Azərişıq” tərəfindən texniki şərtin verilməsi qaydaları ciddi şəkildə sadələşdirilsin və kifayət qədər böyük olan dövlət rüsumları ləğv edilsin, ya da məsələ büdcədə nəzərə alınsın. Bu cür güzəştlərin xidmət sektorunun bütün sahələrində həyata keçirilməsi çox yaxşı olardı. Bu addımlar ölkəmizdə fəaliyyət göstərən investorlar, donor və beynəlxalq təşkilatlar üçün bu tipli sosial layihələrin gerçəkləşdirilməsini cəlbedici edə bilər.
Büdcə layihəsini qənaətbəxş hesab etdiyimi bildirirəm və onun təsdiqinə səs verəcəyəm.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi