2016-ci il 16 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V SESSİYASI  İCLASININ

PROTOKOLU № 31

Milli Məclisin iclas salonu.
16 dekabr 2016-cı il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 116 deputatı  iştirak etmişdir.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 112
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Əhmədov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
İsmət Abasov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Rauf Səlimov, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsi sədrinin müavini.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Şahin Sadıqov, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.

*   *   *

İlkin Vəliyev, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Samirə Musayeva, Azərbaycan Respublikası Vergilər Nazirliyinin baş idarə rəisi.

*   *   *

Rauf Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin idarə rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.
6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.
7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
14. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
15. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”də nəzərdə tutulan qaydaların  qarşılıqlı olaraq tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə  Lixtenşteyn Knyazlığının Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
18. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin read-missiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında”  1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
25. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
27. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

1. Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Samir Şərifov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 112
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 115
Nəticə: Qəbul edildi

2. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 113
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 115
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 109
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikasında 2017-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 110
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 114
Nəticə: Qəbul edildi

5. Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

6. Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 112
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

7. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:
Oqtay Əsədov, Ziyad Səmədzadə, Vahid Əhmədov, Qüdrət Həsənquliyev, Fərəc Quliyev,  Fazil Məmmədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

8. “Elektron ticarət haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

9. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Vüsal Hüseynov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Vüsal Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

12. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Vüsal Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

13. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

14. Nağdsız hesablaşmalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Ziyafət Əsgərov, Ziyad Səmədzadə, Fazil Məmmədov, Aydın Hüseynov

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

15. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”də nəzərdə tutulan qaydaların  qarşılıqlı olaraq tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə  Lixtenşteyn Knyazlığının Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov,  Sevinc Fətəliyeva

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

17. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

18. “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Sevinc Fətəliyeva, Tahir Kərimli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

19. “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Valeh Ələsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

20. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Vüsal Hüseynov, Fəzail Ağamalı, Elmira Axundova, Siyavuş Novruzov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

21. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

22. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Vüsal Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

24. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

25. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

26. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

27. Hərbi vəziyyət haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər: Oqtay Əsədov, Ziyafət Əsgərov, Azay Quliyev, Qüdrət Həsənquliyev, Fəzail Ağamalı, Zahid Oruc, Tahir Kərimli, Siyavuş Novruzov, Sahib Alıyev, Rövşən Rzayev

Təklif: Layihə birinci oxunuşda qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri 
O.ƏSƏDOV

 

MİLLİ  MƏCLİSİN  İCLASI

16 dekabr  2016-cı il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri!
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 112
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb. Xahiş edirəm, gündəliyə  münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 112
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun.
Bu gün gündəliyimizdə 27 məsələ var. 6 məsələ büdcə və büdcə zərfinə daxil olan məsələlərdir. 7 məsələ isə vergi qanunvericiliyində edilən dəyişikliklərdir, digər məsələlər də var. Hökumətə 8 gün vaxt verilmişdi. Xahiş edirik, Samir Şərifov buyursun.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi və sonrakı 3 il üçün icmal büdcə layihəsi göstəricilərinin Milli Məclisin komitə və plenar iclaslarında müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülmüş təklif və tövsiyələr hökumət tərəfindən ilkin olaraq təhlil edilmiş, onlara növbəti və sonrakı 3 ildə ölkədə makroiqtisadi sabitliyin qorunub saxlanılması və büdcə dayanıqlığının təmin edilməsi prizmasından baxılmış, bəzi tədbirlər üzrə xərclərin artırılması üçün tələb olunan maliyyə təminatının mənbələri nəzərdən keçirilmişdir. Təkcə onu qeyd etmək istərdim ki, büdcə müzakirələri zamanı hörmətli millət vəkilləri tərəfindən qaldırılmış məsələlərə təkcə bir büdcə ili ərzində deyil, bir neçə il ərzində baxılmasına ehtiyac yaranır. Bunlar nəzərə alınaraq büdcənin konstruksiyasına xələl gətirmədən bəzi məsələlərin maliyyə təminatı öz həllini tapmışdır. Qeyd etmək istərdim ki, mədəniyyət xərclərinin artırılması ilə bağlı əlavə 3 milyon manat vəsaitin ayrılması, eyni zamanda, Milli Məclisin saxlanılması xərclərinin də 850 min manat artırılması nəzərdə tutulur.
Digər tərəfdən bir çox millət vəkili Gənclər Fondunun vəsaitinin əvvəlki ilə nisbətən 2017-ci ildə kəskin azalması ilə bağlı narahatçılığını bildirdi. Həmin vəsaitin cari ilin səviyyəsində saxlanılması təklifləri irəli sürüldü. Bununla bağlı arayış vermək istərdim. Belə ki, 2012–2016-cı illərdə dövlət büdcəsindən məqsədli olaraq Gənclər Fonduna 24,6 milyon manat, yəni bir ilə orta hesabla 4,9 milyon manat vəsait ayrılmışdı. 2011–2016-cı illər ərzində ölkədə gənclər siyasətinin həyata keçirilməsi üçün isə dövlət büdcəsindən məqsədli olaraq 44,8 milyon manat, yəni bir il üçün orta hesabla 7,5 milyon manat vəsait ayrılmışdı. Bununla yanaşı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müvafiq fərmanı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramında nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı üçün həmin illərin dövlət büdcəsi ilə üst-üstə 74 milyon manat, bir il üçün isə orta hesabla 14,8 milyon manat vəsait ayrılmış, proqramın icrası tam başa çatmışdır.
Eyni zamanda, qeyd olunmalıdır ki, növbəti ildə, yəni 2017-ci ildə gənclər siyasətinə aid olan xərclər cari ilin səviyyəsində, yəni 11,5 milyon manat səviyyəsində saxlanılır. Bunları nəzərə alaraq, hesab edirik ki, Gənclər Fonduna  dövlət büdcəsi layihəsində nəzərdə tutulan vəsaitin ayrılması düzgün bir qərardır və bundan əlavə vəsaitin ayrılması məqsədəuyğun hesab edilmir. Təkcə onu qeyd etmək istərdim ki, gənclər siyasətinin həm Gənclər Fondu vasitəsi ilə, həm də Gənclər və İdman Nazirliyi vasitəsi ilə  həyata keçirilməsi hökumətin daim diqqətində olmuş, 2011–2016-cı illər ərzində bu məqsədlərə dövlət büdcəsindən 100 milyondan yuxarı vəsait və yaxud ildə təxminən 24 milyon manata yaxın vəsait ayrılmışdır. Bununla əlaqədar bir daha qeyd etmək istərdim ki, büdcənin 2017-ci ildəki hədəflərini,  eyni zamanda, büdcənin yığcamlaşma siyasətinin həyata keçirilməsini nəzərə alaraq Gənclər Fonduna ayırmaların azaldılmasını ciddi problem kimi  qiymətləndirmirik.
Hörmətli millət vəkilləri, yuxarıda sadalanan təkliflər də qəbul olunduğu təqdirdə Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin 2-ci, 8-ci və 16-cı maddələrində müvafiq dəyişikliklər ediləcəkdir. Bunlar, əsasən, dövlət büdcəsi gəlirlərinin, dövlət büdcəsi və icmal büdcəsi xərclərinin formalaşdırılmasına aid olan maddələrdir. Həmçinin bildirmək istərdim ki, hörmətli millət vəkilləri tərəfindən irəli sürülmüş təkliflərin hazırkı layihədə nəzərə alınmayan hissəsinə mərhələli qaydada növbəti illərin dövlət və icmal büdcələri layihələrinin tərtibi zamanı həmişəki kimi baxılacaqdır. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, sizləri bu gün təqdim edilmiş dəyişikliklər də nəzərə alınmaqla qanun layihəsinə səs verməyə bir daha  dəvət edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Hörmətli millət vəkilləri, nəzərə alaq ki, komitə iclaslarında bu büdcənin müzakirəsində 33 millət vəkili, Milli Məclisin plenar iclaslarında 45 millət vəkili çıxış eləyib və hökumət də bu çıxışlardan irəli gələn məsələləri nəzərə alıb. Əgər başqa bir təklif yoxdursa, mən, xahiş edirəm, səsə qoyaq, qəbul edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.11 dəq.)
Lehinə 112
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 115
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Büdcə zərfinə daxil olan 2-ci məsələ Azərbaycan Respublikası  Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun büdcəsi haqqındadır. Hadi müəllim, Siz məruzə edəcəksiniz?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səlim müəllim, sözünüz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 113
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 115
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
3-cü məsələ Azərbaycan Respublikasında 2017-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Ziyad müəllim, qanun layihəsinə bir təklifiniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mikrofon verin.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Cənab Sədr, hörmətli millət vəkilləri, təklif yoxdur. Təklif ondan ibarətdir ki, qanun layihəsi səsə qoyulsun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 109
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 112
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
4-cü məsələ 2017-ci il üçün ehtiyac meyarının həddi haqqındadır. Bir dəyişiklik var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dəyişiklik yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.13 dəq.)
Lehinə 110
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 114
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Növbəti 5-ci məsələ Azərbaycan Respublikası Milli Məclisinin 2017-ci il üçün xərclər smetası haqqındadır. Samir müəllim də dedi, bizim verdiyimiz təkliflər də qəbul olundu. Əgər başqa fikir yoxdursa, xahiş edirəm, münasibət bildirək.
 
Səsvermənin nəticələri (saat 12.14 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, sonuncu məsələ Azərbaycan Respublikası Hesablama Palatasının 2017-ci il üçün xərclər smetası haqqındadır. Ona da bir dəyişiklik yoxdur. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.15 dəq.)
Lehinə 112
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 114
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Ümumiyyətlə, büdcə zərfinə daxil olan sənədlərin hamısı qəbul olundu. Təbrik edirik və büdcəmizə “xeyirli olsun!” deyirik. Bu müzakirələrdə, ümumiyyətlə, büdcə zərfinə daxil olan məsələlərin müzakirəsində 67 millət vəkili çıxış eləmişdi.
Hökuməti təbrik edirik və  növbəti məsələyə keçirik. Vergi islahatı haqqında bilirdiniz ki, qanunlar olacaq. Yeni qanunlar layihəsi paketi gəlib. Burada 201 dəyişiklik var. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Son vaxtlar ölkədə iqtisadi islahatların dərinləşməsi, iqtisadi fəallığın artması və bu amillər hesabına qlobal dünya iqtisadiyyatında, dünya neft bazarında baş verən dəyişikliklərin  Azərbaycan iqtisadiyyatına təsirinin minimuma endirilməsi istiqamətində ciddi addımlar atılır. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin imzaladığı sərəncamlarda qeyri-neft sektorunun şaxələndirilməsinə, çevik və səmərəli sənaye siyasətinin aparılmasına, aqrar sahədə keyfiyyətli struktur dəyişikliklərinin, ərzaq təhlükəsizliyinin təmin edilməsinə, ölkənin ixrac potensialının artırılmasına xidmət edəcək məqsədli proqramlarla sistemli konkret tapşırıqlar və hədəflər müəyyən edilmişdir. Bütün bunlar iqtisadi qanunvericilik bazasının daha da təkmilləşdirilməsini obyektiv zərurətə çevirir.
Bu gün Milli Məclisin müzakirəsinə çıxarılan Vergi Məcəlləsindəki dəyişikliklər bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İlk növbədə onu qeyd etmək istərdim ki, Azərbaycan müstəqillik qazandıqdan sonra dövlətimizin əldə etdiyi iqtisadi uğurlarda aparılan iqtisadi siyasət və onun tərkib hissəsi olan vergi siyasəti mühüm rol oynamışdır. Qətiyyət ilə deyə bilərəm ki, 2001-ci ildə ulu öndərin imzaladığı Vergi Məcəlləsi ölkədə yeni iqtisadi sistemin formalaşmasında, investisiyaların cəlb edilməsində, sahibkarlığın, bütövlükdə iqtisadiyyatın inkişafında müstəsna rol oynadı. Dövlət büdcəsi gəlirlərinin dinamik artımı təmin edildi. Dövrün tələblərinə cavab verən vergi sistemi quruldu.
Ötən 15 il ərzində ölkəmiz böyük iqtisadi inkişaf yolu keçmiş, onun beynəlxalq aləmə çıxışı qat-qat artmışdı. Eyni zamanda, iqtisadiyyatın idarə edilməsində daha təkmil, beynəlxalq təcrübədə özünü doğrultmuş səmərəli iqtisadi mexanizmlərin geniş istifadəsinə, vergi ödəyiciləri ilə vergi orqanları arasında  qarşılıqlı etimadın və şəffaflığın daha da artırılmasına, sahibkarlara əlverişli şəraitin yaradılmasına və ölkə iqtisadiyyatının davamlı inkişaf tempinə uyğun olaraq real vergi potensialının müəyyən edilməsi üçün vergi sistemində islahatların davam etdirilməsi və vergi inzibatçılığının, vergi mədəniyyətinin daha da təkmilləşdirilməsinə zərurət yaranmışdır. Artıq Oqtay müəllim də bu barədə fikirlərini açıqladı ki, Milli Məclisin müzakirəsinə təqdim edilən Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi 115 yeni maddəni, 83 maddəyə dəyişikliyi, 3 maddənin isə ləğv edilməsini ehtiva etməklə 201 dəyişiklikdən ibarətdir. Bu dəyişikliklərin 123 bəndi vergi inzibatçılığı mədəniyyətinin təkmilləşdirilməsi və uçot siyasətinin şəffaflaşdırılması ilə, 34 bəndi vergi ödəyicilərinin hüquqlarının genişləndirilməsi ilə, 8 bəndi isə vergi yükünün azaldılması, o cümlədən vergi güzəşt və azadolmaları ilə bağlıdır.
Məlumat üçün bildirmək istəyirəm ki, Vergi Məcəlləsində  dəyişikliklər edilməsi haqqında qanun layihəsi İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında geniş müzakirə edilmiş, müzakirə prosesində millət vəkilləri çox dəyərli fikirlər söyləmiş, eyni zamanda, müzakirələrdə hörmətli vergilər naziri  Fazil müəllim, iqtisadiyyat nazirinin müavini, habelə Maliyyə Nazirliyi və Dövlət Gömrük Komitəsinin məsul əməkdaşları çıxış etmiş və bütövlükdə Vergi Məcəlləsində edilən dəyişikliklərin vacib olduğunu vurğulamışlar. Qeyd etmək istərdim ki, hörmətli Oqtay müəllim, bizi sevindirən,  məmnun edən cəhətlərdən biri Vergi Məcəlləsində dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilərkən bu məsələdə iqtisadi strukturlar arasında əlaqələndirmə işinin yüksək olması idi. Verilən təkliflərin qısa zaman kəsiyində Vergilər Nazirliyi tərəfindən diqqətlə araşdırılması da diqqəti cəlb edən məsələlərdən biridir.
İndi isə icazə versəniz, qısaca da olsa, əsas dəyişikliklərin mahiyyəti barədə  millət vəkillərinə məlumat verərdim. Vergi yükünün azaldılması və pərakəndə ticarət fəaliyyətində ƏDV-nin ticarət əlavəsindən hesablanması. Onu da qeyd edim ki, bilirsiniz, vergi sahəsində islahatların əsas istiqamətlərinin müəyyən edilməsi barədə cənab Prezidentin imzası ilə sərəncam olub.  Bununla əlaqədar olaraq Vergilər Nazirliyi artıq 3 aydan çoxdur ki, məhsuldar iş aparır. Demək olar ki, cənab Prezidentin müəyyən etdiyi  istiqamətlər  Milli Məclisin müzakirəsinə verilən qanun layihəsində öz əksini tapıb. İlk növbədə vergi yükünün azaldılması məsələsi durur. Məlum olduğu kimi, kənd təsərrüfatı məhsulları istehsalçıları 1999-cu ildən torpaq vergisi istisna olmaqla, Vergi Məcəlləsi ilə müəyyən edilmiş digər vergilərin ödənilməsindən azad edilib. Həmin məhsullar ticarət şəbəkələri tərəfindən pərakəndə qaydada satılarkən digər məhsulların satışı kimi, bu məhsulların da tam dəyəri ümumi qaydada ƏDV-yə cəlb edilir.
Qüvvədə olan qanunvericiliyə uyğun olaraq ƏDV tu-tulan əməliyyatın dəyəri vergi ödəyicisinin müştəridən və ya hər hansı digər şəxsdən aldığı və ya almağa hüququ olduğu haqqın ƏDV nəzərə alınmadan məbləği əsasında müəyyən edilir. Vergi Məcəlləsində ƏDV tutulan əməliyyatın dəyərinin müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmadığından, ticarət şəbəkələri satış üzrə ümumi dövrdən ƏDV hesablamalı olurlar ki, bu da pərakəndə satış qiymətində bahalaşmaya səbəb olur. Qeyd edilənlər nəzərə alınaraq kiçik və orta sahibkarlığı stimullaşdırmaq, pərakəndə ticarətdə rəqabət mühitini təmin etmək və vergi yükünü optimallaşdırmaq məqsədi ilə pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan sahibkarlar tərəfindən ƏDV-nin Azərbaycan Respublikasında istehsal edilmiş kənd təsərrüfatı məhsullarının satış qiyməti ilə onların alış qiyməti arasındakı fərqdən, yəni ticarət əlavəsindən hesablan-ması ilə bağlı müddəalar  layihəyə daxil edilib. Komitədə də millət vəkilləri xüsusi olaraq vurğuladılar ki, bu, həqiqətən, fundamental bir dəyişiklikdir, illər boyu bu barədə danışılırdı və cənab Prezidentin sərəncamı ilə hazırlanan bu dəyişiklik, heç şübhəsiz ki, müsbət qarşılanacaqdır.
Bir hesablamanı bildirmək istərdim ki, Azərbaycanda pərakəndə ticarət dövriyyəsinin həcmi 22 milyard manat təşkil edir, onun da 50 faizi ərzaq məhsullarının pərakəndə satışı ilə əlaqədardır. Bu ərzaq məhsullarının strukturunda da kənd təsərrüfatı məhsullarının xüsusi çəkisi kifayət qədərdir. İri müəssisələri və kiçik sahibkarlığın inkişafını nəzərə alsaq, bu sahədə, heç şübhəsiz ki, belə bir dəyişiklik kiçik və orta sahibkarlığın inkişafına, eyni zamanda, müəyyən dövr ərzində qiymətlərin də aşağı düşməsinə imkan verəcəkdir.
Eyni zamanda, layihə ilə ödəmə qabiliyyətini itirmiş bankların sağlamlaşdırılması tədbirləri çərçivəsində qeyri-işlək aktivlərin 2017-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azad edilməsi nəzərdə tutulur. Məlumat üçün onu da bildirim ki, millət vəkilləri də xahiş etmişdilər,  bank olmayan kredit təşkilatları da burada nəzərə alınsın. Hörmətli Fazil müəllimin rəhbərlik etdiyi komanda da həmin təklifi bəyənib və bu, məcəllənin son variantına daxil ediləcək. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları ilə yaradılan icbari tibbi sığorta və səhiyyə xidmətləri göstərən qurumların gəlirlərinin mənfəət vergisindən müddətsiz, buğda idxalının və satışının, buğda ununun və çörəyin istehsalı və satışının, quş əti satışının  3 il müddətində ƏDV-dən azad edilməsi ilə bağlı müddəalar layihəyə daxil edilmişdir ki, bu da millət vəkilləri tərəfindən müsbət qarşılanmışdır. Banklar tərəfindən fiziki şəxslərin əmanəti üzrə ödənilən illik faiz gəlirlərinin, habelə investisiya kağızları üzrə ödənilən dividentlərin və faiz gəlirlərinin gəlir vergisindən azad edilməsi müddəti 5 ilədək artırılmışdır.
Ölkədə sahibkarlığın inkişafı ilə əlaqədar olaraq sistemli tədbirlər aparılır, qanun layihəsində də bu istiqamətdə  müəyyən dəyişikliklər nəzərdə tutulmuşdur. Sahibkarların vergi yükünün azaldılması ilə yanaşı, onların dövriyyə  vəsaitlərinə qənaət edilməsi, habelə ixracatı stimullaşdırmaq məqsədi ilə ixrac fəaliyyəti ilə məşğul olan şəxslərin apardıqları əməliyyatlardan yaranan ƏDV üzrə artıq ödənilmiş vergilərin qaytarılması müddətinin 45 gündən 20 günə endirilməsini əks etdirən düzəlişlər layihəyə daxil edilmişdir ki, bu da millət vəkilləri tərəfindən, bütövlükdə ictimaiyyət tərəfindən çox yaxşı qarşılanmışdır. Qanun layihəsində topdan və pərakəndə ticarətlə məşğul olan vergi ödəyicilərini fərqləndirən meyarlar da müəyyən edilmişdir ki, bu da  cənab Prezidentin sərəncamında  öz əksini tapmışdır. Bildiyiniz kimi,  hazırda topdansatış fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən malların təqdim edilməsi zamanı bir sıra hallarda ciddi hesabat blanklarından istifadə edilmir ki, bu da  vergitutma obyektinin müəyyən edilməsində çətinliklər yaratmaqla yanaşı, malları alan digər sahibkarların da hüquqlarını pozur və onlara aldıqları malların rəsmiləşdirilməsi ilə bağlı problemlər yaradır. Dəyişikliklər gələcəkdə vergi nəzarəti tədbirləri zamanı vergi ödəyiciləri ilə vergi orqanları arasında yarana biləcək fikir ayrılıqlarının qarşısının alınmasına və onların tətbiq olunacaq sanksiyalara məruz qalmayacaqlarına şərait yaradacaqdır.
Vergi ödəyicilərinin əvvəlcədən müəyyən edilməsi də qanun layihəsində öz əksini tapmışdır. Sahibkarlar tərəfindən vergi öhdəliklərinin hər hansı səbəbdən düzgün müəyyən edilməməsi vergi ödəyicilərinin əlavə maliyyə sanksiyalarına məruz qalması ilə nəticələnir. Belə halların qarşısının alınması məqsədi ilə vergi ödəyiciləri tərəfindən aparılması planlaşdırılan əməliyyatlar üzrə yaranacaq vergi öhdəliklərinin əvvəlcədən müəyyən edilməsi mexanizminin hazırlanması vacibdir. Bu məqsədlə  vergi öhdəliklərinin hüquqi nəticələr doğurmazdan əvvəl vergi orqanları ilə razılaşdırılması qaydasının müəyyən edilməsi ilə bağlı layihəyə müvafiq müddəalar daxil edilmişdir.
Cənab Prezidentin sərəncamında kameral vergi yoxlamalarının  daha diqqətlə araşdırılması, təkmilləşdirilməsi təklif olunur. Vergilər Nazirliyi  cənab Prezidentin sərəncamında olan müddəanı əsas tutaraq qanun layihəsində aşağıdakı dəyişikliyi nəzərdə tutmuşdur. Bildiyiniz kimi, kameral vergi yoxlaması vergi ödəyicisi tərəfindən verginin hesablanması və ödənilməsi üçün əsas olan sənədlərin vergi orqanına təqdim edildiyi gündən 30 gün müddətində keçirilir. Bu da vergi ödəyiciləri tərəfindən müvafiq sənədlərin vaxtında təqdim edilməməsi və ya ümumiyyətlə, sənədləşmənin aparılmaması səbəbindən kameral qaydada keçirilən vergi yoxlamalarının müddətinin uzadılması ilə nəticələnir. Belə halların aradan qaldırılması məqsədi ilə kameral vergi yoxlamalarının konkret olaraq verilmiş bəyannamələr əsasında 30 gün ərzində başa çatdırılması tapşırılmışdır. Bu məqsədlə kameral vergi yoxlamasının vergi bəyannaməsi təqdim edildiyi vaxtdan 30 iş günü müddətində həyata keçirilməsini və bu müddət başa çatdıqdan sonra həmin bəyannamə üzrə kameral vergi yoxlamasının keçirilməsini qadağan edən müddəalar layihəyə daxil edilmişdir.
Nağdsız əməliyyatların stimullaşdırılması və nağdlı əməliyyatların məhdudlaşdırılması bu gün Azərbaycan cəmiyyətində ən çox müzakirə olunan məsələlərdən biridir. Müqayisəli materiallar göstərir ki, nağdsız hesablaşmaların səviyyəsi Azərbaycanda digər ölkələrə nisbətən aşağıdır. Ona görə də cənab Prezidentin imzaladığı sərəncamda bu məsələ xüsusilə vurğulanmış və nağdsız hesablaşmalar  haqqında da qanun layihəsi hazırlanmışdır. Həmin qanun layihəsində nağdsız hesablaşmaların anlayışları verilir,  ƏDV məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən hesablaşmaların nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri tərəfindən isə ay ərzində 15 min manatadək məhdudlaşdırılmışdır. Bununla yanaşı, inzibati cərimələrin, maliyyə sanksiyalarının, vergilərin, gömrük rüsumlarının,  yığımların, faizlərin, lizinq əməliyyatları üzrə borcların ödənilməsi və kreditlərin verilməsi, sığorta ödənişlərinin dövlət orqanlarına, dövlət mülkiyyətində olan və payları nəzarətlə dövlətə məxsus olan hüquqi şəxslərə, büdcə təşkilatlarına və publik hüquqi şəxslərə ödənən xidmət haqları və digər yığımlar hamısı nağdsız ödənilməlidir. Belə bir qanun layihəsinin gələcəkdə qəbulu, heç şübhəsiz ki, hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Azərbaycanda nağd pul vəsaitlərinin dövriyyədə azaldılmasına imkan verəcək və həm də beynəlxalq müqayisələrdə Azərbaycanın imicinə müsbət təsir göstərəcəkdir.
Qanun layihəsində ən vacib dəyişikliklərdən biri də xərclərin süni şəkildə artırılması, transfert qiymətləri hallarının aradan qaldırılmasıdır. Qanunda Vergi Məcəlləsinin 14-cü maddəsinin birinci bəndində transfert qiymətlər haqqında izahatlar və onun tətbiqi mexanizmi açıqlanmışdır. Qanun layihəsində fiziki şəxslərin verdiyi öhdəliklərin aylıq sabit vergi şəklində müəyyən edilməsi də ən vacib məsələlərdən biridir. Bilirsiniz, sabit vergi ödəyiciləri var ki, onlar illər boyu çalışırlar, amma onların da sabit qaydada, sağlam və şəffaf şəkildə vergiyə cəlb edilməsi əsas məsələlərdən biri olaraq qalır. Bu dəyişikliyə əsasən bəzi fəaliyyət növləri ilə məşğul olan fiziki şəxslər tərəfindən vergi öhdəliklərinin sabit məbləğdə, sadələşdirilmiş qaydada vergi ödəməklə yerinə yetirilməsi qaydası müəyyən edilmişdir. Sadələşdirilmiş vergi üzrə sabit məbləğin ödənilməsi haqqında qəbz alınmaqla fəaliyyət göstərilməsi vergi ödəyicilərinin vəzifələrinə aid edilmişdir və məcəllədə həmin fəaliyyət növlərinin siyahısına verginin dərəcəsi daxil edilmişdir. Hörmətli millət vəkilləri, bu, qanun layihəsinin 220-ci maddəsində öz əksini tapmışdır.
Vergi Məcəlləsinə edilmiş dəyişikliklərin ən vacib istiqamətlərindən biri elektron ticarət əməliyyatlarını həyata keçirən şəxsin, yəni satıcının bir dövlətin, alıcının isə digər  dövlətin rezidenti olması, serverin üçüncü bir dövlətdə yerləşməsi vergi orqanlarının üzləşdiyi əsas problemlərdən biridir. Cənab Prezidentin sərəncamına uyğun olaraq “Elektron ticarət haqqında” Qanuna da dəyişikliklər nəzərdə tutulur ki, bütövlükdə bu dəyişikliklərin edilməsi elektron ticarət aparan vergi ödəyicilərinə şəffaf vergi nəzarətinin təmin edilməsinə, rezident və qeyri-rezident elektron ticarət iştirakçıları arasında diskriminasiyanın aradan qaldırılmasına kömək edəcəkdir. Qanun layihəsində ƏDV-nin məqsədləri üçün qeydiyyata alınmış və vergi tutulan əməliyyatların həcmi ardıcıl olaraq 12 aylıq dövrün istənilən ayında 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən sahibkarlıq fəaliyyəti ilə əlaqədar təqdim edilmiş mallara, görülmüş işlərə və  göstərilmiş xidmətlərə görə 2017-ci il 1 aprel tarixindən, bütün digər vergi ödəyiciləri tərəfindən isə 2018-ci il 1 yanvar tarixindən malların, işlərin və xidmətlərin alıcısı olan hüquqi şəxslərə və fərdi sahibkarlara elektron ticarət qaimə-faktura təqdim edilməsi ilə bağlı keçid müddəaları daxil edilmişdir. Hesab edirik ki, qeyd edilən dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşdirilməsinə, prosedurun sadələşdirilməsinə, operativliyin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini tədqiq edən sənədlərə malik olmaqla gələcək vergi nəzarəti tədbirləri zamanı vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın artmasına imkan verəcəkdir.
Qanun layihəsinə kənd təsərrüfatı məhsulları istehsalçılarına tətbiq edilən vergi güzəştlərinin əhatə dairəsini dəqiq müəyyənləşdirmək məqsədi ilə kənd təsərrüfatı məhsullarının istehsalı və emalı üzrə sərhədlərin müəyyən edilməsi ilə bağlı müddəalar daxil edilmişdir. Ölkənin hüdudlarından kənarda əldə olunmuş gəlirlərin vergiyə cəlb olunmasında şəffaflığı təmin etmək və səmərəli vergi nəzarətini həyata keçirmək üçün digər dövlətlər arasında maliyyə məlumatlarının avtomatik mübadiləsi məqsədi ilə Vergi Məcəlləsində müvafiq müsbət dəyişikliklər edilmişdir. Vergi qanunvericiliyində hüquqlardan suiistifadə əleyhinə müddəaların beynəlxalq təcrübəyə uyğunlaşdırılması da Vergi Məcəlləsində edilən dəyişikliklərin müsbət istiqamətini təşkil edir.
Bütövlükdə, hörmətli millət vəkilləri, qanun layihəsindəki  dəyişikliklərin hamısını bir çıxışda əhatə etmək qeyri-mümkündür. Ancaq məlumat üçün bildirmək istəyirəm ki, biz neçə gündür, Vergilər Nazirliyi,  İqtisadiyyat  Nazirliyi, Maliyyə Nazirliyi, Dövlət Gömrük Komitəsi ilə sıx əlaqədə çalışıb, müəyyən hesablamalar aparmışıq. Hesab edirik ki, Vergi Məcəlləsinə edilən bu dəyişikliklər, heç şübhəsiz, Azərbaycanda vergi mədəniyyətinin yüksəlməsində, vergi inzibatçılığının təkmilləşməsində, bütövlükdə real sektorun inkişafında, Azərbaycan cəmiyyətində vergi ödəmək prinsipinin hamı tərəfindən qəbul edilməsi istiqamətində ən mühüm addımlardan biri olacaqdır. Millət vəkilləri onu da tövsiyə etdilər ki, Vergilər Nazirliyi və digər strukturlar bu edilmiş dəyişikliklər barədə insanları məlumatlandırsınlar, maarifləndirmə işləri gücləndirilsin. Hesab edirik ki, belə bir dəyişikliyin qəbul edilməsi Azərbaycanda aparılan iqtisadi islahatların dərinləşməsinə və səmərəliliyinin yüksəlməsinə xidmət edəcəkdir. Çünki hazırda dövlət büdcəsi gəlirlərinin dövlət fondu transferi nəzərə alınmadan 80 faizindən çoxunu təmin edən Vergilər Nazirliyi üçün də münbit şərait yaranacaq ki, dövlət büdcəsinin gəlirləri, ölkənin maliyyə resursları ildən-ilə artsın. Millət vəkillərindən bu mühüm dəyişikliklərə müsbət münasibət bildirmələrini xahiş edərdim. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Mən İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü olmasam da, sizinlə bir yerdə bu qanun layihəsi ilə çox məşğul oldum. Hesab edirəm ki, bu çıxışda həm öz adınızdan, həm də Fazil müəllimin adından çıxış elədiniz. Ona görə Fazil müəllim təkrarçılıq eləmək istəmir, suallar varsa, Fazil müəllim suallara cavab verməyə hazırdır. İndi iki məsələni müzakirə edəcəyik. Birinci, dediyim kimi, Vergi Məcəlləsinə dəyişikliklər edilməsi məsələsidir, bir də 13-cü məsələ, yəni “Elektron ticarət haqqında” Qanunda dəyişikliklər edilməsi məsələsidir. Buyurun, Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Ziyad müəllim geniş məlumat verdi. Nəzərinizə çatdırım ki, iki komitədə – İqtisadi siyasət, sənaye və sahibkarlıq  komitəsində və Hüquq siyasəti və dövlət quruculuğu komitəsində birgə geniş müzakirələr aparmışıq. Azərbaycanda sahibkarlığın inkişafı üçün çox mütərəqqi dəyişikliklərdir. Ona görə də mən elə hesab edirəm ki, ciddi müzakirəyə ehtiyac yoxdur və bunu qəbul etmək lazımdır. Çünki bu, indi Azərbaycanda gedən islahatların faktiki davamıdır. Çox sağ olun.
Sədrlik edən. 11 nəfər millət vəkili yazılıb. Millət vəkillərindən təkid eləyənlər var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki nəfər təkid edir. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli qonaqlar, millət vəkilləri, media nümayəndələri! Doğrudan da, hesab edirəm ki, bu dəyişikliklər Vergi Məcəlləsinin təkmilləşdirilməsinə, vergi inzibatçılığının yaxşılaşdırılmasına xidmət edən dəyişikliklərdir. Amma mənim başqa təkliflərim də var. Uzun müddətdir, mətbuatda müxtəlif ekspertlər, vergi mütəxəssisləri, iqtisadçılar müzakirələr açırlar və fikirlərini kifayət qədər əsaslandıraraq deyirlər ki, ölkədə vergi yükü çoxdur. Bir çox hallarda sahibkarlar maraqlıdırlar ki, Vergilər Nazirliyinin əməkdaşları ilə hansısa formada cinayət əlaqəsinə girsinlər, onlara rüşvət verməklə vergi ödəməkdən yayınsınlar. Mən düşünürəm ki, vergi yükünün azaldılması həm ölkədə sahibkarlığın inkişafına  xidmət etmiş olar, həm də insanlar vergidən yayınmaq barədə artıq düşünməzlər. Hörmətli Fazil müəllim də burada iştirak edir, biz bu barədə düşünməliyik.
Bundan başqa, Sovet İttifaqı dağılandan sonra, biz qismən bazar iqtisadiyyatına keçmişik. Sovet dövründə vətəndaşlar vergi ödəmirdilər, vergini, əsasən, dövlət idarə və müəssisələri, təşkilatlar ödəyirdilər. Ona görə də vətəndaşlarımızın vergi ödəmək vərdişləri yoxdur. Vergi mədəniyyəti önəmli bir məsələdir. Bunun üçün çalışmalıyıq ki, vətəndaşlarımız bu mədəniyyətə yiyələnsinlər, daha çox vergi ödəyən şəxslər xüsusi olaraq təltif edilsinlər, təbliğ olunsunlar. Burada mən söylədim ki, buna vergi yükünün azaldılması ilə nail ola bilərik. Həm də düşünürəm ki, biz bir çox hallarda ayrı-ayrı sahələri vergidən tamamilə azad etməməliyik. Ola bilsin ki, vergiləri azaltmalıyıq,  amma heç bir halda vergidən tamamilə azad etmək olmaz. Vergidən tam azad olunanda  artıq sonradan, hətta fəaliyyət sahəsi dəyişəndə belə, vergi ödəməyə öyrəşmədiyi üçün çalışır ki, vergidən yayınsın. İnsanlarda vergi ödəmək mədəniyyətini yaratmaq lazımdır.
İndi bizdə sənaye parkları var ki, vergidən 7 il müddətinə azad edilib. Düşünürəm ki, az miqdarda olsa da, onlar üçün vergi müəyyən olunmalıdır. Bəzi məsələlərlə bağlı da vergi yükü bir az  artırılır, məsələn, bahalı avtomobillərin Azərbaycana gətirilməsi ilə əlaqədar onsuz da kifayət qədər çox vəsait ödənilirdi. Bu məbləğ bir az da artsa, avtomobillər gətirilməyəcək, o vəsaitlər də büdcəyə ödənilməyəcək. Düşünmürəm ki, qiymət artdığı təqdirdə büdcəyə əlavə vəsait cəlb eləyə bilək. Ondan da başqa Azərbaycan özü avtomobil istehsal eləmir. Bizdə aşağı səviyyədə, ucuz avtomobillər istehsal olunsa da, bahalı avtomobillər istehsal olunmur. Bu barədə də düşünməyimizə ehtiyac var.
Sonda  bir məsələyə də münasibət bildirməyi vacib bilirəm, çünki bizdə cari məsələlər olmadı. Dünən bilirsiniz ki, Xəzər dənizində neftçilər itkin düşüb. Bu, bir il ərzində baş verən ikinci böyük faciədir. Biz elə dövlətlərlə əhatə olunmuşuq ki, o dövlətlər Azərbaycanın xarici siyasəti ilə razı deyillər. Burada təxribatlar da ola bilər, bəlkə o estakadalar ayrı-ayrı dövlətlər tərəfindən  zədələndirilir ki, kiçik külək olan kimi onlar aşsın, yaxud da orada hansısa qəza baş versin. Ona görə də təklif edirəm,  burada kimlər məsuliyyətsizliyə yol veriblərsə, həmin şəxslər tapılıb müəyyənləşdirilsinlər və cəzalandırılsınlar. Xarici təxribat varsa, o da aşkar olunmalıdır, yəni bu da ola bilər. Ona görə də parlament ya bununla bağlı özü xüsusi komissiya yaratmalıdır, ya da parlamentin adından biz Baş prokurorluğa xüsusi müraciət etməliyik ki, belə halların gələcəkdə qarşısının alınması üçün  ciddi addımlar atılsın. Mən ölənlərin ailələrinə dərin hüznlə baş sağlığı verirəm və hesab edirəm ki, bu məsələdə parlament də öz sözünü deməlidir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ ol. Yenə gündəlikdən kənara çıxdın. Ancaq bu məsələni həll etmək üçün dövlət komissiyası yaradılıb, bu komissiya işləməlidir, nəticələr bilinməlidir. Hələ heç nə bilinmədən Milli Məclis nə qəbul etməlidir? Xahiş edirəm, bir az diqqətli olun.
Hörmətli millət vəkilləri, bu qanun dəyişiklikləri, əsasən, vergi yükünün azaldılması üzrədir. Bu, aparılan iqtisadi islahatların birinci addımıdır. Mən indi qabaqlamaq istəmirəm, birinci gün İqtisadiyyat komitəsinə daha böyük bir yükün azalması istiqamətində yeni qanun layihəsi gəlir. Ona görə, mən hesab edirəm, bu qanunu indi səsə qoymalıyıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fərəc Quliyev, təkid edirsən, buyur, de görək nə deyirsən.
F.Quliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Mən hər halda bu məsələlərə münasibət bildirməyə bilməzdim. Hesab edirəm, hər bir deputatın da haqqıdır ki, burada münasibətini bildirsin, heç kim buna irad tuta bilməz. 220.10-cu maddədə bir kateqoriya müəyyənləşdirilibdir və göstərilir ki, bu maddədə nəzərdə tutulan fəaliyyət növləri ilə fərdi qaydada məşğul olan bu Məcəllənin 218.4.4-cü maddəsində göstərilən fiziki şəxslər üçün sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən edilir.  Mən burada dördüncü kateqoriyaya toxunmaq istəyirəm. Fərdi yaşayış evlərində və mənzillərdə ev qulluqçusu, xəstələrə, qocalara və uşaqlara qulluq  xidməti, dayə, fərdi sürücülük, ev təsərrüfatında təmizlik, bağban və sair. Buraya xəstələrə və qocalara qulluq edənlər, evlərdə xidmət edənlər salınıbdır, misallar da var, 10 manat müəyyənləşdirilib, ancaq Bakıda xidmət edənlər 20 manat ödəməlidirlər. Bu adamlar orada nə qədər məvacib alırlar ki? Biz deyirik ki, yaşayış minimumunu 116 manat müəyyənləşdiririk, bir ailədə 3 nəfər olarsa, 400 manata qədər pul almalıdırlar ki, acından ölməsinlər və bir nəfər gedib işləyirsə, təmizlik ilə məşğul olursa, ona bunun tətbiq olunması nə qədər doğru bir məsələdir? Ya dövlət o yaşayış minimumuna uyğun olaraq o 3 nəfərin 400 manatını hansısa formada təmin etməlidir, ya da arayış götürməlidir ki, bu 3 nəfər 400 manatdan artıq vəsait alırsa, o 10 manatdan tutulmuş əmsala vurulub həmin vəsait ondan alınsın. Bizim məqsədimiz insanların, əsasən də, sosial vəziyyəti pis olan aşağı təbəqənin vəziyyətini yaxşılaşdırmaqdır, cənab Prezidentin qoyduğu istiqamətlər də buna xidmət edir.
Mən bu qanunda xeyli mütərəqqi məsələlərlə də tanış oldum. Deyək ki, üçillik imkan veriblər, vergidən azad olunmalar var və sair. Amma bu kateqoriyalı insanları biz nəzarətə götürməkdən, onlara kömək etməkdənsə, hələ bu qədər yükləyirik. Bu insanlar dilənmirlər, şərəfləri, ləyaqətləri buna imkan vermir, gedib bu işlə məşğul olurlar. Məncə, buna vergi tətbiq etmək doğru deyil və bu bölümün, ümumiyyətlə, çıxarılmasını təklif edirəm.
İkinci bir məsələ 220.12-ci maddədə var. Hüquqi şəxslər və fərdi sahibkarlar tərəfindən pul vəsaitlərinin nağd qaydada bank hesablarından çıxarılmasına görə 1 faiz dərəcəsi ilə sadələşdirilmiş vergi hesablanır. Biz banklarda əmanətlərin saxlanmasını motivasiya edən  yerlər, qaydalar axtarırıq. Bu tərəfdən də əgər nağd vəsaiti oradan çıxartmağa bir faiz vergi tətbiq ediriksə, əmanətlərini, pullarını banklarda saxlamamaq haqqında düşüncə daha çox olacaqdır. Məncə, bu da doğru bir şey deyil. 
12.3-cü maddədə vergitutma obyektləri haqqında bir yeni  anlayış müəyyənləşdirilib, sonra da həmin anlayış vergitutma obyekti kimi göstərilir. Bu, ticarət əlavəsidir, yəni vergitutma obyektidir. Onun  tərifinə baxanda görünür ki, ticarət əlavəsi malların ƏDV tətbiq edilmədən pərakəndə satış qiyməti ilə malgöndərənlərə ödənilən malın alış qiyməti arasındakı fərqdir. Sahibkarlar, əsasən, buradan müəyyən qədər qazanırlar. Biz burada vergi obyektlərinə baxanda bir neçə vergi növü var idi, əlavə olaraq bunun da tətbiq olunması nəinki kiçik və orta sahibkarlara kömək etməkdir, əksinə, onların qarşısına  yeni səddin çəkilməsi deməkdir. Çünki ölkənin kiçik təbəqələrini, bir neçə ailəni, ailə təsərrüfatlarını kiçik sahibkarlar əhatə edir, orta sahibkarlar da müəyyən qədər bir regionu əhatə edirlər. Böyük sahibkarlar isə dövlətin biznes tutumunu quran əsas qüvvələrdəndirlər. Məncə, bu özü də vergi yükünü bir daha ağırlaşdırmağa xidmət edən  məsələdir. Hesab edirəm ki, bu məsələyə də yenidən baxmaq olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Kim cavab vermək istəyir? Ziyad müəllim, ya Fazil müəllim?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fazil müəllim buyursun.
F.Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Çox sağ olun, Oqtay müəllim, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Ümumiyyətlə, Ziyad müəllim ətraflı məlumat verdiyi üçün hörmətli Sədr hesab etdi ki, əlavə çıxışa ehtiyac yoxdur. Əlbəttə, mən də razıyam, amma sualları mütləq cavablandırmaq istərdim. Mənim çıxışımın da əsas məqsədi bundan ibarət idi ki,  hörmətli millət vəkilləri birinci, qanunun  maddələri ilə deyil, təqdim olunmuş qanunun ruhu və fəlsəfəsi ilə daha yaxından tanış olsunlar. Bütövlükdə təqdim olunan paketin fəlsəfəsi Azərbaycanda şəffaflığın artırılmasını, uçot sisteminin bərpasını, Azərbaycanın beynəlxalq standartlara uyğunlaşan sisteminin olmasını ehtiva edir. Ona görə də söhbət heç də hansı isə vergitutma obyektinin artırılmasından və büdcə gəlirlərinin artırılmasından  getmir.
O ki qaldı deyilən hansısa maşınların, nəqliyyat vasitələrinin artırılmasına, bu, sosial bərabərliyin, sosial ədalət prinsipinin əsasında həyata keçirilən bir addımdır. Bu addım onun üçün atılmır ki, bu, mütləq  olmalıdır. Bu zaman avtonəqliyyat vasitəsi bəlkə də az gətiriləcək və büdcə bundan az gəlir əldə edəcək. Sosial bərabərlik müəyyən edilməlidir ki, həqiqətən, istirahət üçün olan yaxtalar, digər məsələlər hamısı əlavə vergiyə cəlb edilsin. Digər sosial təbəqə, yəni aşağı sosial təbəqə üçün lazım olan məsələlər  vergidən daha çox azad olunmalı, aşağı vergi yükü, sadələşdirilmiş vergi yükü ilə tənzimlənməlidir. Birinci məsələ, əlbəttə, yenə dediyim kimi, ümumi paketin fəlsəfəsinə diqqət yetirməkdir.
Hörmətli millət vəkili Fərəc Quliyevin dediyi məsələyə qayıtdıqda isə, xahiş edirəm, qanunu diqqətlə oxuyun. Siz bunun fəlsəfəsi ilə, çox üzr istəyirəm, dərinliyi ilə bərabər, qanunları düzgün şərh etmirsiniz, qanunda Sizin dedikləriniz heç də o şəkildə deyil. Birinci növbədə sonuncudan, ticarət əlavəsindən başlayıram. Sizin bu günə qədər ticarətin dövriyyəsindən necə vergi tutulduğu haqqında xəbəriniz varmı? Bu günə qədər bütün dövriyyədən tutulurdu, bütün dövriyyəyə əlavə dəyər vergisi tətbiq olunurdu. Bu gün qanunvericilik onu azad edir, hansı qiymətə almısansa, onu əlavə dəyər vergisindən çıxırlar, üstünə nə qədər gəlir qoymusansa, onun əlavəsindən vergi tutulur. Sosial təbəqə üçün, pərakəndə ticarət üçün bundan yaxşı şərait ola bilərmi? Ola bilməz.
İkinci məsələ. Dediyiniz kimi, siyahı üzrə müəyyənləşdirdiyiniz bəzi işçilərin, yəni  aşağı sosial təbəqənin gəlirindən 10 manat, 5 manat  vergiyə cəlb edilir. Bu büdcənin gəlirlərinin, qeyd etdiyim kimi, respublikada işsizlik səviyyəsinində nə Statistika Komitəsi, nə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, nə də Vergilər Nazirliyi tərəfindən ölkə üzrə dəqiq uçotunu aparmaq mümkün deyil. Amma, həqiqətən, işləyən çoxdur. Əhalimizin bir hissəsi əgər evlərdə işləyirsə,  Siz nə üçün nəzərə almırsınız ki, bunu işəgötürən də var. Bağda bağban saxlayan da var, deməli, onun sosial vəziyyəti yaxşıdır, əgər bağ varsa, bağda bağban varsa, mühafizəçi varsa, xidmətçi varsa, deməli, eyni zamanda, onun uçotu aparılmalı və onu işəgötürən patentini alıb verməlidir. Bununla bütün dövlətin statistikası aparılır, o on manatlarla dövlət büdcəsi müəyyən olunur. Ona görə də bəlkə görünüşü yaxşı görsənə bilər, xəstələrə xidmət edənlər və yaxud nə isə. Milyonlarla vəsaiti olan var ki, xəstəsinə kənardan 5 dənə tibb bacısı gətizdirib xidmət etdirir. Nə üçün bunlar olmamalıdır? Siz hansı təbəqədən danışırsınız? Beynəlxalq təşkilatlardan bu diferensiallaşma ilə əlaqədar çox təkliflər olmuşdur. Mən Vahid müəllimlə və Ziyad müəllimlə bu barədə söhbət elədim, hörmətli Sədrə də demişəm. Yəni bu, hökumətdə müzakirə olunur, geniş müzakirə olunası məsələdir. Bu məsələyə onların da belə bir münasibəti var.
Bilirsiniz, bəzi malların qiymətini ucuzlaşdırmaqla, bəzi mallara qoyulan vergini aşağı salmaqla iş bitmir. Nəzərə almaq lazımdır ki, kateqoriyanı müəyyən etmək çox çətindir. Uşaq yeməkləri var, digər qidalar var, başqa məsələlər var. Axı, bunların alıcıları da var. Söhbət təkcə satıcılardan getmir. Eyni zamanda, nəyə görə biz düşünürük ki, bunu ancaq aşağı sosial təbəqə alır? Bəyəm imkanlı insanların övladları yoxdur, onlar uşaq böyütmürlər? Onlar uşaq üçün lazım olan qidanı almırlar? Hamı bunu alır. Yəni nə üçün bunları ayırırıq? Bəlkə sosial vəziyyəti yaxşı olmayan təbəqənin təminatı üçün dövlətin min cür imkanları və variantları var.  Maliyyə Nazirliyi konkret məsələ üzrə və yaxud hansısa bir ictimai təbəqə üzrə müəyyən tədbirləri həyata keçirmək üçün müxtəlif təkliflər verib. Ona görə də bu məsələlərə, xahiş edirəm, ümumi baxasınız. Yəni bunun məzmununu və eyni zamanda, fəlsəfəsini bilmədən danışmayasınız. Hörmətli millət vəkillərindən xahiş edirəm, dediyim kimi, bu məsələyə  xüsusi diqqət yetirsinlər.
Sədrlik edən. Yəni bu, ən sadə bir şeydir. Tutaq ki, 100 manatlıq mal alıb. Onun üstünə 15 manat qoyub satırdısa, 115 manatdan gəlir vergisi verirdi, indi o 100 manatı çıxarıblar, gəlir yükü azalıb. O, artıq vergini 15 manatdan verir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yəni iqtisadi islahatlar davam edir. Bu, ilk qanundur, aylarla gözləyirdik, xahiş edirəm, gündəliyin 7-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 13-cü məsələsi “Elektron ticarət haqqında” Qanuna dəyişikliklər edilməsi barədədir. Buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 8-ci məsələ Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Vüsal Hüseynov.
V.Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, Mülki Prosessual Məcəlləyə təklif edilən dəyişikliklər uyğunlaşdırma xarakterlidir, belə ki, qüvvədə olan Vergi Məcəlləsinin 90-cı maddəsində müəyyən edilir ki, vergi ödəyicisinin vergi öhdəliyi təmin edilə bilmədikdə vergi orqanı onun əmlakının ixtisaslaşdırılmış açıq hərracda satılması üçün məhkəməyə müraciət edə bilər və qanunda həm də göstərilir ki, bu halda məhkəmədə baxılma qaydası Azərbycan Respublikasının Mülki Prosessual Məcəlləsi ilə müəyyən edilməlidir. O səbəbdən diqqətinizə təqdim edilən bu layihənin 26-cı maddəsinə, yəni mübahisələrin inzibati-iqtisadi məhkəmələrə aidiyyəti ilə bağlı maddəyə dəyişiklik əlavə edilir və belə müraciətlərə baxılma yurisdiksiyası inzibati-iqtisadi məhkəmələr tərəfindən müəyyən edilir. Bu qanunun uyğunlaşdırma xarakterli olmasını və məhkəmə aidiyyətini müəyyən etməsini nəzərə alaraq layihəyə dəstək göstərməyinizi xahiş edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.57 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Vüsal Hüseynov, buyurun.
V.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. İcazə versəydiniz, 10-cu məsələ də 9-cu məsələ ilə bağlı olduğu üçün bir yerdə məruzə edərdim. Çox sağ olun. Hörmətli həmkarlar, hazırda qüvvədə olan Cinayət Məcəlləsinin 213–1.3-cü maddəsinə əsasən pivə və tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla, aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma və ya satmaq məqsədi üçün almaya görə cinayət məsuliyyəti müəyyən edilir. Təklif edilən maddədə isə bu istisna aradan götürülür və yeni redaksiyaya əsasən pərakəndə satış istisna olmaqla aksiz markası ilə markalanmalı olan məhsulları nağd qaydada xeyli miqdarda satma və belə məqsəd üçün xeyli miqdarda alma artıq məsuliyyət yaratmayacaqdır. Faktiki olaraq burada dekriminallaşma baş verir. Yəni məsuliyyət yalnız topdansatışa görə müəyyən edilir.
Digər layihə isə İnzibati Xətalar Məcəlləsi ilə bağlıdır, çünki bizdə oxşar müddəa İnzibati Xətalar Məcəlləsində də müəyyən edilmişdir və həmin qanuna təklif edilən dəyişiklikdə də, əsasən, aksizli malların yalnız nağdsız qaydada topdansatışına görə məsuliyyət müəyyən olunur. Pərakəndə satış zamanı nağdsız ödənişə görə isə məsuliyyət aradan qaldırılır. Hesab edirəm ki, bu, sahibkarlığın inkişafı baxımından, istehlakçıların məmnunluğu baxımından müsbət bir maddədir və hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm.
Sədrlik edən. Sağ olun, Vüsal müəllim. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, 9-cu məsələyə, Cinayət Məcəlləsində dəyişikliklə bağlı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
10-cu məsələyə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “İcra haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Vüsal Hüseynov. Vüsal müəllim, buyurun.
V.Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, diqqətinizə təqdim edilən qanun layihəsi “İcra haqqında” Qanunun ümumi olaraq 5 maddəsinə dəyişiklikləri əhatə edir. Lakin mən,  əsasən, iki yeniliyin mahiyyəti barədə danışmaq istərdim. Belə ki, “İcra haqqında” Qanunun 53.2-ci maddəsi üzərinə həbs qoyulmuş əmlakın satılması ilə bağlı olan maddədir. Bu maddəyə əsasən borclunun əmlakı ixtisaslaşdırılmış açıq hərrac yolu ilə satılmalıdır. Lakin burada belə bir istisna var ki, dəyəri 500 manata qədər olan əmlak icra orqanı tərəfindən müəyyən edilmiş ticarət şəbəkələrində satıla bilər. Qanuna isə təklif edilir ki, 500 manatlıq limit qaldırılaraq 5000 manat müəyyən edilsin və bu halda satışın təşkili ilə bağlı qaydalar müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilsin. Bu təklifin verilməsində məqsəd bu prosesdə səmərəliliyin artırılmasıdır, çünki açıq hərrac yolu vaxt və resurs tutumlu olduğundan bəzən aşağı miqdarda əmlak üçün bu prosesdə səmərəlilik aşağı düşür və bu baxımdan məbləğin artırılması təklif edilir.
İkinci yenilik isə mövcud “İcra haqqında” Qanunun 82.1 və 84.1-ci maddələri ilə bağlıdır. Belə ki, bu maddələrə əsasən borclu tərəfindən icra məmurunun tələbləri, yəni icra sənədlərinin tələbləri yerinə yetirilmədikdə müəyyən inzibati məsuliyyət nəzərdə tutulurdu. Bu halda icra orqanı nümayəndəsi müvafiq  protokol tərtib edərək məhkəməyə müraciət edirdi. Bu iki maddədə vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması ilə əlaqədar qüvvəyə minmiş məhkəmə qərarlarının icrası istisna hal kimi göstərilir. Lakin bununla bağlı “İcra haqqında” Qanuna yeni bir maddə əlavə edilir. Buna əsasən müəyyən edilir ki, vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borcların alınması ilə əlaqədar qərarların icra edilməməsinə görə Cinayət Məcəlləsində müəyyən edilmiş məsuliyyət artıq tətbiq olunacaq. Dolayısı ilə bu hal üçün məsuliyyət sərtləşdirilir. Bu yeni maddənin digər bəndləri isə icra orqanı ilə vergi orqanı arasında əlaqəni, əks əlaqəni və bu halda icraatın aparılması qaydalarını müəyyən edir. Bu qanun layihəsinin qəbul olunması vergi öhdəliklərinin təmin edilməsi ilə bağlı prosesdə səmərəliliyi artıracaq, vergi intizamını gücləndirəcək və vergi ödəyicisi tərəfindən qanunvericilik tələblərinə daha ciddi əməl edilməsini təmin edəcəkdir. Hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm.  Sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.04 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulan dəyişikliklər artıq Vergi Məcəlləsində edilən dəyişikliklərlə əlaqədardır. Aşağıdakı məzmunda 2.0.8-1-ci maddə əlavə edilir: “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi”. Aşağıdakı məzmunda 20-2-ci maddə əlavə edilir: “Vergi öhdəliyinin əvvəlcədən müəyyənləşdirilməsi barədə qərarın qəbul edilməsi üçün tutulan dövlət rüsumunun dərəcəsi 500 manat müəyyən edilsin”. Bu artıq müzakirə və qəbul edilmiş Vergi Məcəlləsində  də nəzərdə tutulur. Ona görə həmin maddəni “Dövlət rüsumu haqqında” Qanuna təklif edirik. Bu qanun layihəsi də cənab Prezident tərəfindən paket şəklində göndərilən sənəddir.
Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, buyurun, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ Nağdsız  hesablaşmalar haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Vergi Məcəlləsində edilən dəyişikliklərin mühüm istiqamətlərindən biri də nağdsız hesablaşmalardır. Cənab Prezidentin  4 avqust tarixli sərəncamında  xüsusi olaraq nağdsız hesablaşmalar haqqında qanun layihəsinin hazırlanması tövsiyə edilmişdi. Bu qanunun məqsədi Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığının təmin edilməsindən, istehlakçıların hüquqlarının qorunmasından, dövriyyədə olan nağd pul kütləsinin nağdsız vəsaitlərlə əvəz olunmasından, bütövlükdə bank sisteminin inkişaf etdirilməsindən ibarətdir.
Qanun layihəsi 4 maddədən ibarətdir. Nağdsız hesablaşmalar haqqında qanunvericilik bu qanundan, Azərbaycan Respublikasının Mülki Məcəlləsindən, Azərbaycan Respublikasının Vergi Məcəlləsindən və onlara uyğun qəbul edilmiş normativ hüquqi aktlardan ibarətdir. Biz  bayaq Vergi Məcəlləsinə edilən dəyişikliklər haqqında danışarkən nağdsız hesablaşmaların tənzimlənməsi məsələsinin əsas olduğunu qeyd etdik.  Mən artıq dedim ki, nağdsız qaydada həyata keçirilən hesablaşmalara nə daxildir. Millət vəkillərinə bildirmək istəyirəm ki, burada söhbət  vətəndaşların şəxsi hesablarından getmir. Bu, büdcə təşkilatları, sahibkarlar, hüquqi şəxslər və fərdi sahibkarların istifadə etdikləri pul kütləsinin nağdsız olmasına yönəldilmiş  bir qanun layihəsidir. Ona görə, hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi vacib idi. Milli Məclisdə bizim komitə üzvləri də çox maraqlı faktlar gətirdilər. Avropa ölkələri ilə müqayisədə biz xeyli geri qalırıq. Hesab edirəm ki, bu qanun layihəsinin qəbul edilməsi bütövlükdə Azərbaycanda şəffaflığın artmasına, gizli iqtisadiyyatın azalmasına, bütövlükdə bank sisteminin inkişafına xidmət edəcəkdir. Ona görə, millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edirəm.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Ziyad müəllim, Siz demədiniz, 30 min manata qədər olanda nağd pulla hesablaşma, 30 min manatdan yuxarı olanda nağdsız hesablaşmalardır. Bu ayrı bir qanun layihəsidir, ancaq bir paketdə gəlib. Bu qanun layihəsini biz 3 oxunuşda qəbul etməliyik. 3 oxunuşa ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Əgər ehtiyac yoxdursa, xahiş edirəm, birinci oxunuşda bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
İkinci oxunuşa münasibət bildirməzdən əvvəl Fazil müəllim nə isə əlavə etmək istəyir. Buyursun.
F.Məmmədov. Mən üzr istəyirəm, Oqtay müəllim.  Deyirəm, bəlkə anlaşılmazlıq varsa, çox qısa şəkildə münasibət bildirim. Təqdim olunan qanunun vətəndaşların hansı tip əməliyyat aparmasına heç bir aidiyyəti yoxdur. İstənilən vətəndaş istənilən  şəkildə, istər nağd, istər nağdsız qaydada  öz əməliyyatlarını apara bilər. İşəgötürənlər tərəfindən əmək haqlarının verilməsi onlara məxsus qaydada ödənilir. Eyni zamanda,  ticarət obyektləri də nağdlı qaydada işləyəcəklər.
Qanun layihəsi sahibkarlara aiddir. Sahibkarlar da o kateqoriyadandırlar ki, bir-birləri ilə münasibətdə nağdsız ödənişlər həyata keçirirlər. Ay ərzində dövriyyəsi 200 mindən yuxarı olan hüquqi və fiziki şəxslər, yəni sahibkarlar ayda 30 min manata qədər nağd şəkildə  əməliyyat apara bilərlər. Söhbət sahibkarlıq fəaliyyətindən gedir. Bu məsələ sıravi vətəndaşlara aid deyil. Fərəc müəllim deyəsən dedi, o məsələnin vətəndaşların 1 faizlik əmanətlərinə heç bir aidiyyəti yoxdur. Bu, şirkətlərə və sahibkarlıq fəaliyyətinə aid olan məsələdir. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xahiş edirəm,  bunu nəzərə alasınız.
Sədrlik edən. Sağ olun. Bu, 2 fəsildən ibarət qanundur. Birdəfəlik səsə qoyduq. Aydın Hüseynov.
A.Hüseynov. Mən yalnız bir məsələni təklif kimi demək istərdim.  Nağd qaydada aparılması ay ərzində 30 min manatadək, digər vergi ödəyiciləri üçün isə ay ərzində 15 min manatadək məhdudlaşdırılır. Yəni bu çox realdır. Ancaq müəyyən iqtisadi vəziyyətə uyğun olaraq bu rəqəmlər dəyişə bilər. Ona görə, bəlkə bu rəqəmlərin vəziyyətə uyğun olaraq dəyişməsini qanun şəklində müzakirə etmək lazım deyil. Əgər lazım gələrsə, müvafiq  icra hakimiyyəti bu rəqəmlərdə dəyişiklik aparsın. 
Sədrlik edən. Oldu. Bu rəqəmləri qəbul edəndə hamısının hesabatı aparılıb, yoxlanılıb. Əgər gələcəkdə lazım olarsa, biz istənilən qanuna dəyişiklik edə bilərik. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, bu zərfə aid olan “Büdcə sistemi haqqında” Qanuna dəyişikliklər edilməsi barədə. Ziyad Səmədzadə buyursun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Bilirsiniz ki, Azərbaycan Respublikasının “Büdcə sistemi haqqında” Qanunu var. Bu qanun uzun illərdir, Azərbaycan Respublikasında dövlət büdcəsinin formalaşması və istifadəsi üzərində  nəzarətə imkan verir. Amma yaranmış yeni şəraitdə tələb olunur ki, Azərbaycan Respublikasının Hesablama Palatasının müəyyən  qanunla müəyyən olunmuş funksiyaları, eyni zamanda, “Büdcə sistemi haqqında” Qanunda da öz əksini tapsın. “Büdcə sistemi haqqında” Qanunun 11, 15, 16, 18, 20-ci maddələrinə Hesablama Palatasının rolunun artması ilə əlaqədar olaraq maddələr əlavə edilir. Bunları oxumağa ehtiyac yoxdur, yəni layihə hamıya verilmişdir. 
Burada 11-ci maddəyə “və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə edilir. 15-ci maddəyə üçüncü abzas əlavə olunur: “Azərbaycan Respublikasının Hesablama Palatası “Hesablama Palatası haqqında” Qanuna əsasən dövlət büdcəsinin layihəsinə rəy verir”. Qanuna yeni 16.4-cü maddə əlavə olunur: “Növbəti büdcə ili üzrə dövlət büdcəsi mətbuatda dərc edildikdən sonra dövlət büdcəsinin gəlirlərinin və xərclərinin  təsnifatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən Azərbaycan Respublikasının Hesablama Palatasına təqdim edilir”. 18-ci maddəyə də “habelə Azərbaycan Respublikasının Hesablama Palatasına”  sözləri əlavə edilir. “Dövlət büdcəsinin icrası barədə hesabat” adlanan 20-ci maddədə  “dövlət büdcəsinin icrası barədə aylıq hesabat hesabat ayından sonrakı ayın 25-dək tərtib olunur” sözlərindən sonra “müvafiq icra hakimiyyəti orqanlarına və Azərbaycan Respublikasının Hesablama Palatasına” sözləri əlavə olunur. 20.4-1-ci maddəyə əlavə olunur: “Müvafiq icra hakimiyyəti orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş forma və qaydada hesabatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi dövlət qurumlarına təqdim edir və müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxış imkanlarını təmin edir”. 20.4-2-ci maddəyə əlavə edilir: “Dövlət qurumlarının dövlət xəzinədarlığı məlumatlarına real vaxt rejimində çıxışının təmin edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir”.
Eyni zamanda, bir dəyişiklik də 27-ci maddədədir. “Azərbaycan Respublikasının Hesablama Palatası büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə və büdcədənkənar dövlət fondlarının icrasına dair hesabatlara rəy verir”. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunundakı dəyişikliklər  cənab Prezident tərəfindən Milli Məclisə təqdim edilmişdir. Ona görə bu qanun layihəsinə müsbət münasibət bildirməyinizi xahiş edirəm. 
Sədrlik edən. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.18 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi. 
Növbəti 4 məsələ beynəlxalq sazişlərdir. Azərbaycan Respublikası Hökuməti ilə Lixtenşteyn Knyazlığı Hökuməti arasında 2013-cü il 29 noyabr tarixli “Azərbaycan Respublikası və Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsi haqqında Saziş”də nəzərdə tutulan qaydaların  qarşılıqlı olaraq tətbiq edilməsi haqqında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə  Lixtenşteyn Knyazlığının Xarici İşlər, Təhsil və Mədəniyyət Nazirliyi arasında notalar mübadiləsi formasında bağlanılmış Sazişin təsdiq edilməsi barədə buyursun Sevinc Fətəliyeva.
S.Fətəliyeva, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsi sədrinin müavini.
Təşəkkür edirəm. Cənab Sədr, icazə verin, 16 və 17-ci məsələləri birgə məruzə edim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Nəzərə alaq ki, həm Lixtenşteyn Knyazlığı, həm də İsveçrə  Konfederasiyası  Avropa İttifaqına daxil olmasa da, Şengen ərazisinə daxildir. Təqdim olunan 2 qanun layihəsi  Azərbaycan Respublikası ilə Avropa İttifaqı arasında vizaların rəsmiləşdirilməsinin sadələşdirilməsinə dair 2013-cü ildə imzalanmış sazişə əsaslanır. Diqqətinizə təqdim olunan saziş Azərbaycan Respublikası vətəndaşlarının bütün Şengen ərazisinə daxil olması və orada qalması üçün eyni şərtlərin tətbiq edilməsini təmin edir. Mahiyyət isə ondan ibarətdir ki, 2 dövlətin vətəndaşlarına hər 180 günlük dövr ərzində 90 gündən çox olmayan müddətə nəzərdə tutulmuş  qalma üçün vizaların rəsmiləşdirilməsi qarşılılıq prinsipi əsasında sadələşdirilsin. Sazişin məqsədi Azərbaycan Respublikası, Lixtenşteyn Knyazlığı, eyni zamanda,  İsveçrə  Konfederasiyası  vətəndaşları üçün vizaların rəsmiləşdirilməsi qaydasının qarşılıqlı prinsip əsasında sadələşdirilməsi vasitəsi ilə dövlətlərarası  əlaqələrin davamlı inkişafını təmin etməkdir. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, 16-cı məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
17-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti 18-ci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə İsveçrə Federal Şurası arasında icazəsiz yaşayan şəxslərin readmissiyası haqqında” Sazişin təsdiq edilməsi barədədir. Sevinc Fətəliyeva buyursun.
S.Fətəliyeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Azərbaycan və İsveçrə arasında daxil olmaq və qanuni yolla qalmaq halı təqdim olunan sazişlər müəyyənləşdirilib. Bu şərtləri yerinə yetirməyən şəxslərin müəyyən edilməsi, onların nizamlı şəkildə qarşılılıq əsasında qayıtmaları sazişdə əks olunur. Saziş də bunu səmərəli prosedurlar əsasında təmin etmək məqsədi güdür. Mən millət vəkillərindən xahiş edərdim, bu qanun layihəsinə səs versinlər. Təşəkkür edirəm.
Sədrlik edən. Tahir Kərimli.
T.Kərimli. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Burada,  əlavə 6-da və digər mətnlərdə doğrudur, yəni hər bir mətndə “Azərbaycan Respublikasının Gerbi” sözləri yazılıb, ancaq burada, yəni əlavə 5-də “Azərbaycan Respublikasının emblemi” sözləri yazılıb. Bir sözlə, bəhanə eləmək istəyən şəxslər üçün əsas verilir. Doğrudur, elə gerb də, emblem də dövlət rəmzidir. Amma hər bir halda əlavə 5-də “İsveçrə Konfederasiyasının Gerbi” getdiyi kimi, “Azərbaycan Respublikasının Gerbi” də getməli idi. Ola bilər, xırda bir şeydir. Amma bu, tipik bir formadır, hər dəfə təkrar olunacaq. Ona görə də, düzgün olsa yaxşıdır. Bir də fürsətdən istifadə edib, bir xahişimi bildirmək istəyirəm ki, deputat yoldaşlarımız bir-birlərinə münasibətdə daha nəzakətli olsunlar. İçlərindən kini atsınlar və heç olmasa, mətbuat materiallarına baxanda, onun başlığına görə deyil, məzmununa görə mübahisəyə girsinlər. Sağ olun.
Sədrlik edən.  Sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
19-cu məsələ “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə Protokolun təsdiq edilməsi haqqındadır. Buyursun Valeh Ələsgərov.
V.Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri.
Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclis deputatları, xanımlar və cənablar! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məktubu ilə “Dəniz tələbləri ilə bağlı məsuliyyətin məhdudlaşdırılması haqqında” 1976-cı il tarixli Beynəlxalq Konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli Protokolun təsdiq edilməsi haqqında qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilmişdir. Adı çəkilən 1976-cı il tarixli beynəlxalq konvensiyaya dəyişikliklər edilməsi barədə 1996-cı il tarixli protokolun qəbul edilməsində məqsəd dəniz tələbləri ilə bağlı məsuliyyət hədlərinin yenilənməsidir. Misal üçün, 1976-cı il tarixli beynəlxalq konvensiyanın 6-cı maddəsinin 1-ci bəndində ölümlə və ya bədən xəsarəti ilə bağlı tələblərə münasibətdə baş vermiş hadisəyə görə gəminin sahibinin, operatorunun, ya da icarəyə götürənin, yəni məsuliyyət daşıyan şəxsin məsuliyyət həddi tutumu 2 min tondan artıq olmayan gəmi üçün 2 milyon hesablaşma vahidi müəyyən edilmişdi. Qanun layihəsində adı çəkilən protokola görə bu  hədd 3 milyon 20 min hesablaşma vahidinə qədər artırılmışdır. Tutumu 2 min tondan 30 min tona qədər olan gəmilər üçün bundan öncə göstərilən məsuliyyət həddinə, yəni 2 milyon hesablaşma vahidi olan məsuliyyət həddinə hər tona görə 800 hesablaşma vahidi əlavə edilirdisə, protokol ilə yeni müəyyən edilmiş məsuliyyət həddinə, yəni 2,02 milyon hesablaşma vahidinə hər tona görə 1208 hesablaşma vahidi əlavə edilir. Bu qayda tutumu 30 min tondan 70 min tona qədər olanlar üçündür. 70 min tondan artıq olan gəmilər üçün də məsuliyyət həddi protokolda göstərildiyi kimi artırılır.
Müvafiq olaraq 1976-cı il tarixli konvensiyanın 7-ci maddəsinin 1-ci bəndində, 8-ci maddəsinin 2-ci bəndində əlavələr və dəyişikliklər edilmişdir. Bununla bərabər konvensiyanın 18-ci maddəsinin 1-ci bəndində qoşulan dövlətlər üçün önəmli olan dəyişikliklər də edilmişdir. Protokolun 8-ci maddəsində protokolla müəyyən edilmiş məsuliyyət hədlərinin dəyişdirilməsi ilə əlaqədar prosedurlar və hədlər öz əksini tapmışdır. Təbii ki, protokolun mətnində imzalama, ratifikasiya, qəbul, təsdiq və qoşulma, qüvvəyə minmə, denonsasiyalar və başqa məsələlər də öz əksini tapmışdır. Bizim gəmilər həm ərazimizdə, həm də beynəlxalq sularda fəaliyyət göstərir. Misal üçün, Xəzər gəmiçiliyinin 278 gəmisi var. O 278 gəmi həm Xəzər dənizində, həm Aralıq dənizində, həm də Qara dənizdə fəaliyyət göstərir. Bunu nəzərə alsaq, təbii ki, biz 1976-cı il tarixli beynəlxalq konvensiyaya qoşulduğumuz kimi, öz mənafelərimizi qorumaq üçün bu protokola da qoşulmalıyıq. Bu səbəbdən də əminəm ki, təqdim edilmiş qanun layihəsini dəstəkləyib qəbul edəcəyik. Suallarınız olsa, cavab verməyə hazıram. Təşəkkür edirəm, sağ olun.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, konvensiyaya münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.29 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, əgər etiraz eləmirsinizsə, cəmi 8 məsələ qalıb, iclasımızı tənəffüssüz keçirək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Gündəliyin 20-ci məsələsi “Yol hərəkəti haqqında” Qanunda dəyişikliklər edilməsi haqqındadır. Buyursun Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. 21-ci məsələ də 20-ci məsələ ilə birbaşa bağlı olduğu üçün birgə məruzə etmək istəyirəm. Hörmətli həmkarlar, “Yol hərəkəti haqqında” Qanuna dəyişiklikləri nəzərdə tutan layihə Bakı şəhər sakinlərinin avtomobillərin parklanması ilə bağlı mütəmadi rastlaşdığı məsələləri əhatə edir və yollarda tıxacların qarşısının alınması, nəqliyyat sahəsində idarəçiliyin təkmilləşdirilməsi məqsədi ilə təqdim edilmişdir. Belə ki, qanun layihəsində parklanma və parklanma yeri anlayışı verilir. Mövcud qanunda olan 53-cü maddədə parklanma  tamamilə yeni redaksiyada təqdim edilir. Yeni layihəyə əsasən dövlət avtomobil yollarında parklanma yerləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə yollarında bələdiyyələr və özəl avtomobil yollarında isə mülkiyyətçi tərəfindən müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təşkil edilir.
Parklanma yerləri müvafiq nişanla, nişanlama xətləri ilə işarələnməlidir. Parklanma yerləri 24 saat fəaliyyət göstərir, ödənişli və ödənişsiz ola bilər. Əgər parklanma yeri vətəndaşların yaşadıqları binaların əhatəsindədirsə, bu zaman sakinlər onların müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən talonla təmin edilirlər və bu yerlərdən ödənişsiz istifadə edə bilirlər. Parklanma yerlərinin 5 faizi əlillər üçün nəzərdə tutulmuşdur. İlkin layihədə isə bu, 3 faiz nəzərdə tutulmuşdu. Lakin komitə iclası zamanı hörmətli həmkarlarımın təklifi nəzərə alınaraq, qanunvericilik təşəbbüsünün subyekti ilə də razılaşdırılaraq bu, 5 faizədək artırılmışdır. Həmçinin müəyyən edilir ki, parklanmaya görə ödənişlərin parkomatlar tərəfindən nağd və elektron qaydada internet üzərindən ödənilməsi təmin edilsin, parkomatlar tərəfindən parklanma qaydalarının pozulması ilə bağlı aparılan videomüşahidə forması da texniki qurğuların vasitəsi ilə qeydə alına bilinsin. Bu da müəyyən edilir ki, ilk 15 dəqiqə ödənişsizdir və sürücü ödəniş etdikdən sonra 10 dəqiqə də həmin parklanma yerindən ödənişsiz istifadə edə bilər.
Ümumi olaraq bu qanun layihəsi ölkəmizdə və Bakı şəhərində parklanma ilə bağlı təminetməni nəzərdə tutur. Növbəti bir layihədə isə parklanma qaydalarının pozulmasına görə məsuliyyət müəyyən edilir. Çünki hazırda məsuliyyət qeyri-müəyyəndir. Baxmayaraq ki, Bakı şəhərində şəhər icra hakimiyyəti tərəfindən yüzlərlə parkomat quraşdırılıb,  bu məsələ hələ də açıq qalıb. Ona görə də İnzibati Xətalar Məcəlləsinə parklanma qaydalarının pozulması ilə bağlı yeni maddə əlavə edilir və nəzərdə tutulur ki, bu hallarda 10 manat məbləğində cərimə müəyyən edilsin. Həmçinin “Əlil” tanınma nişanından qanunsuz istifadə edilməsinə görə də məsuliyyət müəyyən edilir. Onu da qeyd etmək lazımdır ki, “Əlil” tanınma nişanı əlil şəxslərə müvafiq icra hakimiyyəti orqanı tərəfindən onların müraciəti əsasında veriləcəkdir. Həmçinin İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni bir maddə taksilərin xüsusi olaraq müəyyən edilmiş və işarələnmiş duracaq yerlərindən kənar yerlərdə sifariş qəbul etmək məqsədi ilə durmasına görədir. Bu halda da inzibati məsuliyyət müəyyən edilmişdir.
Ümumi olaraq hər iki qanundan nəqliyyat sahəsində idarəçiliyin təkmilləşdirilməsini, yollarda tıxacların azalmasını və parklanma sahəsində tənzimlənmənin tətbiq edilməsini nəzərə alaraq hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Onu da qeyd etmək istəyirəm ki, qanunların hər ikisi 2017-ci il iyulun 1-dən qüvvəyə minəcəkdir. Yalnız qanunda bir məqam var ki, parklanma müddəti əgər 24 saatdırsa, onun bitməsinə bir saat qalmış sürücüyə müvafiq elektron qaydada məlumatlandırma ötürülür. Bununla bağlı müddəanın isə 2018-ci il yanvarın 1-dən qüvvəyə minməsi nəzərdə tutulur. Burada da əsas yanaşma ondan ibarətdir ki, bu prosesin işlək olması üçün parkomatların quraşdırılması, texniki qurğuların təmin edilməsi baxımından qüvvəyə minmə tarixindən müəyyən müddət nəzərdə tutulmuşdur. Hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim edilən qanun layihələri kifayət qədər mütərəqqi xarakter daşıyır. Bu məsələlər komitəmizdə müzakirə olunarkən mən və digər dəyərli  həmkarlarım da öz fikirlərini söylədilər. Orada dediklərimi mən  plenar iclasın ciddi xarakter daşıdığını nəzərə alıb bir daha önə çəkmək istəyirəm. İlk növbədə, düşünürəm ki, qəbul edəcəyimiz qanun Bakı şəhərində və ölkəmizin digər şəhər və rayon mərkəzlərində parklanma sistemində özünü göstərən xoşagəlməz vəziyyətlərin aradan qaldırılmasına müsbət təsir göstərəcək, bu istiqamətdə mövcud olan boşluqlardan istifadənin qarşısını tamamilə ala biləcək və bir çox hallarda parklanmadan istifadə edərək külli miqdarda pul qazanan iş adamlarının da qanunsuz əməllərinin qarşısını almaqda mühüm rol oynayacaq.
Söhbət nədən gedir? Bəlli olduğu kimi, Azərbaycanın ən mühüm  kütləvi ticarət mərkəzləri hesab olunan Sədərək və Binə ərazisinə, – bildiyiniz kimi, belə ticarət mərkəzləri mövcuddur, –  gündə minlərlə maşın daxil olur və orada neçə dəqiqə qalmasından asılı olmayaraq çıxanda hökmən  rüsum ödənilir. Rüsumun da miqdarı dəyişir. Konkret tarif də yoxdur. Bu sualı mən komitə iclasında müvafiq qurumlara ünvanlayanda bəlli oldu ki, onlardan yığılan rüsum, əslində, dövlətin büdcəsinə daxil olmur, ciblərə gedir. İndiki vəziyyətdə düşünürəm ki, bu qanunun qəbul edilməsi “Binə” və “Sədərək” kimi ticarət mərkəzlərində maşınlardan alınan rüsumların,  parkomatlardan yığılan vəsaitlərin dövlət büdcəsinə yönəldilməsini təmin edəcək. Eyni zamanda, Bakı şəhərində olan ticarət mərkəzlərinin önündə  yenə də qanunsuz yığılan həmin pullar dövlət büdcəsinə yönəldiləcəkdir.
Hörmətli cənab Sədr, mənim diqqətimi cəlb eləyən və ümidvaram ki, bir çox insanı, həm də  millət vəkillərini narahat edən bir məsələ də var. Bu da orta məktəblərin qarşısında maşınların 5–10 dəqiqə qalmasına icazənin verilməməsidir. Valideyn, yəni ata, baba, nənə uşaqları maşınla gətirib məktəbə qoyan zaman istər-istəməz onu məktəbə qədər ötürməlidir. Bu zaman orada 10 dəqiqəyə qədər vaxt itirilir və sonra bəlli olur ki, maşın orada qanunsuz saxlanılıb, ona görə də evakuator vasitəsi ilə götürülüb cərimə meydançasına aparılır. Amma yaxşı olardı ki, məktəblərin önündə bu cür maşınların saxlanılması üçün burada söyləndiyi kimi, 15 dəqiqəlik imkan yaradılsın ki, o maşınlar əsassız olaraq cərimələnməsinlər.  Bütövlükdə mən düşünürəm ki, təqdim olunan qanun layihəsini  qəbul etməklə biz bir növ buna bənzər xoşagəlməz halların aradan qaldırılması üçün ciddi əsaslar yaradacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E.Axundova.  Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, parklanma məsələsi Bakı şəhərinin nəqliyyat sistemində ciddi problem olaraq qalmaqdadır. Qanunsuz parklanma yerlərinin mövcudluğu, hətta namünasib yerlərdə parkomatlar quraşdırılaraq park yerlərinin açılması Bakı şəhərinin nəqliyyat hərəkətini iflic vəziyyətinə salır, tıxaclara səbəb olur. Bir də görürsən, müvafiq icra hakimiyyəti orqanları bir-birləri ilə məsləhətləşmədən, ərazidə nəqliyyatın sıxlığını və yolun enini nəzərə almadan park yerlərini müəyyən edirlər. Bu da sonradan şəhərdə sıxlığa səbəb olmaqla həm sakinlər üçün narahatlıq, həm də müvafiq orqanların öz aralarında ziddiyyət yaradır. Bu baxımdan “Yol hərəkəti haqqında” Qanuna əlavə olunması təklif edilən 53-cü maddənin I, II və III bəndləri mühüm əhəmiyyət kəsb edir.
Digər problemlərdən biri də odur ki, yol kənarındakı park yerlərində dəqiq göstərilmir, nəqliyyat vasitələri yola paralel, yoxsa perpendikulyar şəkildə saxlanılmalıdır. Buna görə də park yerləri xətlərlə müəyyən olunmalıdır. Təklif edilən 53-cü maddənin XXIV bəndində  bu məsələ əks olunub və bu da təqdirəlayiqdir. Parklanma yerlərinin üç faizinin əlillər üçün ayrılması isə yeni bir mədəniyyətin başlanğıcıdır.  Bakıda çox az sayda otelin qarşısında bu cür yerlərə rast gəlmək olur. Amma ümumilikdə, park yerlərinin çoxunda  əlillər üçün park yeri müəyyən olunmayıb. Odur ki, 53-cü maddənin 10-cu bəndi mühüm əhəmiyyət kəsb edir. Mən inanıram ki, bu təkliflər Bakıda sıxlıq ilə bağlı bir çox problemi aradan qaldıracaq.
Amma bir məsələyə diqqət yetirmək istərdim, hörmətli Oqtay müəllim. Dövlət qeydiyyat nişanının oxunması, foto və ya video çəkilişin aparılması, parklanma müddətinin ölçülməsi, parklanmaya görə ödənişin aparılması, müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunması kimi geniş funksiyalara malik olan parkomatların alınması, ölkəyə gətirilməsi çox böyük maliyyə vəsaiti tələb edəcək. Mən bilmirəm, yəqin, hesablamalar aparılıb. Sadəcə, mən qanun müəlliflərindən soruşmaq istəyirəm ki, çətin maliyyə dövründə bu qədər vəsaitin xərclənməsinə ehtiyac varmı? Bəlkə biz o parkomatların gətirilməsini bir-iki il təxirə salaq və 13-cü maddəni hələlik dayandıraq. Bax, bu məsələ ilə bağlı, xahiş edirəm, aydınlıq gətirəsiniz. Amma digər məsələlər çox mütərəqqidir və mən bu qanun müəlliflərinə çox böyük təşəkkürümü bildirmək istəyirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Elmira xanım, çıxışda deyildi ki, birinci qanun 2017-ci ilin iyun ayından qüvvəyə minir, ikinci qanun isə 2018-ci ildə. Ona görə, yəqin, bunları hesablayıblar. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Təklif olunan qanun layihəsi çox mütərəqqidir. Amma bununla yanaşı, mən bir neçə məsələyə  toxunmaq istəyirəm. Doğrudur, son dövrdə dövlətimiz  maşınlar üçün çoxlu sayda yeraltı qarajlar tikibdir. Elə Bakının tək mərkəzini götürsək, istər Azadlıq meydanının aşağısı, istər qış bulvarının aşağısı, istərsə də ayrı-ayrı otellərin aşağısında avtomobil saxlamaq üçün kifayət qədər yer var, yəni ölçülüb-biçilsə, burada nə qədər maşın istəsən  saxlamaq mümkündür. Amma burada niyə saxlamırlar? Səbəbi  qiymətdədir, girirsən ki, orada ancaq siçanlar oynayır. Yəni maşın adda heç bir şey yoxdur. Onda bu nədən ötrü tikilib istifadəyə verilir? Hər saatına bir manat pul qoyublar. Əgər bir şəxs,  tutalım, yaxınlıqda bir idarədə işləyirsə, gəlib, orada öz avtomobilini saxlayırsa, bir həftə ərzində hesablayın ki, 5 günlük iş həftəsidir, o, 8 saat işləməlidir. Hər həftəyə 40 manat pul ödəməlidir. Ay ərzində bu, təxminən,  200 manata qədər vəsait edir. Yəni bir vətəndaş  avtomobilinə aldığı əmək haqqının bəlkə də  30 faizini, 40 faizini ödəməlidir ki, həmin parklarda saxlasın.
Nəticə  nədən ibarətdir? O, orada maşın saxlamır, məcbur olur ki, qadağan olunmuş yerlərdə saxlasın, bu və ya digər yollarla, gün ərzində bir manatla, iki manatla başını ötüşdürsün, digər tərəfdən də hökumətin tikdiyi, təhvil verdiyi  şəraitli, təhlükəsizlik sistemi ilə təmin olunan yer boş-boşuna qalır.  Tarif Şurası hər şeyə baxır, arada bir üzünü bu tərəfə də çevirsin, burada da bir qiymət  müəyyənləşdirsin. Çünki kim hansı qiyməti istəyir, onu da müəyyənləşdirir. Əgər bir ticarət obyektinin gəlirləri yaxşıdırsa, müştəriləri çoxdursa, bu, saatını iki manata edibdir, başqa birininki yoxdursa, başqa  bir qiymət müəyyənləşdirir.
O baxımdan bu yeraltı parkların istifadəsi və oradan dövlətə gələn rüsum nəzarətdə olmalıdır. Çünki yeraltı parka daxil olan, çıxan hər bir nəqliyyat vasitəsi qeydiyyatdan keçir. Qeydiyyatdan keçdikdə kart vasitəsi ilə  ödədiyi vəsait də avtomatik müəyyənləşdirilməli və bundan dövlətə vergi  ödənilməlidir.  Kim istəyir, qoltuğuna bir parkomat vurub gətirir, hara istəyir qoyur. Nə hesabatı var, nə də  başqa bir şeyi. Kim haradan istəyir, oradan da pul yığır. Dövlətə bir xeyri yoxdur, əlavə olaraq vətəndaşlar üçün tıxac  və  problem yaradır. Həmçinin də tikilən obyektlər  istifadəsiz qalır və  istifadəsiz şəkildə də zay olub gedir. Axı, onların saxlanılması lazımdır,  məsrəfləri var. Bunun elektrik pulu var, başqa sistemləri var. Hər bir şəraiti var, niyə burada saxlamasınlar? Elə bir qiymət müəyyənləşdirsinlər ki, vətəndaşlar avtomobillərini gətirsinlər, orada saxlasınlar. Həm təhlükəsizliyi təmin olunsun, həm də dövlətə kifayət qədər vergi gəlsin. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hamısı düzgün fikirlərdir. Məsələn, biz  ticarət mərkəzlərini deyirik. Xarici ölkələrin əksəriyyətində ticarət mərkəzlərində parklanma yerləri onların özlərinə aiddir. Çoxunda pulsuzdur, qalanında pulludur. O parklanma yerini ki tikdirib, sonra da ağlına gələn qiyməti qoyub, oradan nə qazanır? Yəni o yerlər siz deyən kimi boş qalır. Mənə də  aydın deyil, bu niyə belədir. Biz bu məsələ ilə bir də maraqlanarıq. Vüsal, qiymətlərlə əlaqədar məsələləri bir daha araşdırın. Əgər dövlət təşkilatıdırsa, bir məktub yazaq, sahibkardırlarsa, özləri tikdirdikləri yerin qədrini bilmirlərsə, bu başqadır, amma dövlət təşkilatları varsa, biz  bir müraciət edək, görək nə məsələdir. Başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 20-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 21-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 22-ci məsələsi “Avtomobil nəqliyyatı haqqında” Qanunda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi ölkədə nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi məsələləri ilə əlaqədar olaraq hazırlanmışdır. “Avtomobil nəqliyyatı haqqında” Azərbaycan Respublikası Qanununun 27.3-cü maddəsinin birinci cümləsinin aşağıdakı redaksiyada verilməsi təklif olunur: “Ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə beynəlxalq və ölkədaxili sərnişin və yükdaşımaları yerinə yetirən sürücülər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən peşə fəaliyyətinə və davranışına, habelə iş və istirahət rejiminin xüsusiyyətlərinə dair təsdiq olunmuş xüsusi proqram üzrə hazırlıq keçməli, habelə avtomobil nəqliyyatı ilə yük və sərnişindaşımaları tənzimləyən normativ hüquqi aktlar barədə zəruri biliklərə malik olmalıdırlar”. Bunlar çox vacib dəyişikliklərdir, millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsi barədədir. Vüsal Hüseynov, buyurun.
V.Hüseynov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif edilən və bu gün gündəliyimizdə  sonuncu olan layihə uyğunlaşdırma xarakterlidir. Belə ki, cari ilin 15 mart tarixində Lisenziyalar və icazələr haqqında qəbul edilmiş qanunun IV fəsli bu qanunun pozulmasına görə məsuliyyət müəyyən edir. Həmin qanunun tətbiq edilməsi ilə bağlı cənab Prezidentin fərmanında da qeyd edilir ki, müəyyən olunmuş hüquqpozmalarla bağlı inzibati məsuliyyət müəyyən edilsin. Bu məqsədlə də İnzibati Xətalar Məcəlləsinə iki dəyişiklik təklif edilir.
Birinci, “Lisenziyalar və icazələr haqqında qanunvericiliyin pozulması” adlı yeni maddə təklif olunur. Bu maddənin bəndlərindən asılı olaraq sanksiyalar 500 manatdan 1500 manata qədər müəyyən edilir. İkinci dəyişiklik isə bu işlərə baxılma aidiyyətidir ki, bu halda məhkəmələr müəyyən edilir. Hesab edirəm, bu qanunun qəbul edilməsi sahibkarların hüquqlarının müdafiəsi baxımından, eyni zamanda, sahibkarlığın inkişafı baxımından əhəmiyyətlidir. Xüsusilə də vəzifəli şəxsləri lisenziyaların və icazələrin verilməsində daha məsuliyyətli edəcəkdir. Hörmətli həmkarlarımdan layihəyə dəstək olmağı xahiş edirəm.
Sədrlik edən. Sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Komitə sədri Arif Rəhimzadə. Arif müəllim, buyurun.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Ziyafət müəllim, növbəti iki məsələ də bununla əlaqədardır və etiraz etmirsinizsə, mən onları da məruzə edim. Hazırda inzibati ərazi vahidlərinin və dairələrinin qeydə alınması və qeydiyyatdan çıxarılması, yaradılması və ləğv edilməsi, sərhədlərin müəyyən edilməsi və dəyişdirilməsi, onlara ad verilməsi, adlarının dəyişdirilməsi, statusunun müəyyənləşdirilməsi və sair məsələlər “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunla və “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamə ilə tənzimlənir. Adını çəkdiyim əsasnamə də qanun statusuna malikdir. Lakin son vaxtlar inzibati ərazi vahidləri arasında ərazi mübahisələrinin araşdırılması göstərdi ki, hər iki qanunda müəyyən boşluqlar və uyğunsuzluqlar mövcuddur. Təqdim olunmuş arayışda bu haqda ətraflı məlumat verilibdir. Vaxtınızı çox almamaq üçün  edilən düzəlişləri və əlavələri 3 qrupa bölmək istəyirəm.
Birinci qrup düzəlişlər mövcud qanunda olan uyğunsuzluqla bağlıdır. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunun 7.2-ci maddəsində qeyd olunur ki, Azərbaycan Respublikasının bütün ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən həyata keçirilir. Növbəti 7.3-cü maddədə isə yazılır ki, Naxçıvan Muxtar Respublikasının ərazi vahidlərinin qeydə alınması və qeydiyyatdan çıxarılması Naxçıvan Muxtar Respublikası Ali Məclisinin vəsatəti əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir. Bununla Naxçıvan Muxtar Respublikasının ərazisində həmin məsələlərin həllində müvafiq icra hakimiyyəti orqanı kənarda qalır. Belə yanaşma inzibati ərazi vahidlərinin, sahə inzibati ərazi dairələrinin yaradılması və ləğv edilməsi, onların adlandırılması və adlarının dəyişdirilməsi, sərhədlərinin müəyyən olunması və dəyişdirilməsi maddələrində də öz əksini tapıb. Müzakirəyə təqdim olunan layihədə nəzərdə tutulur ki, qanunun 7.3-cü, 8.3-cü, 9.3-cü, 11-1.2-ci və 12.2-ci maddələri ləğv edilsin. 7.4-cü, 7.5-ci, 8.4-cü və 10.10-cu maddələrdən “və ya Naxçıvan Muxtar Respublikası Ali Məclisi” sözləri çıxarılsın. Beləliklə, Naxçıvan Muxtar Respublikasının ərazisində də yuxarıda qeyd olunan prosedurlar müvafiq icra hakimiyyəti orqanının vəsatəti əsasında Azərbaycan Respublikası Milli Məclisi tərəfindən həyata keçiriləcəkdir. Eyni zamanda, qanuna əlavə olunan 12-1-ci maddə Naxçıvan Muxtar Respublikasının ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlərin həll edilməsinin xüsusiyyətlərini müəyyənləşdirir.
İkinci qrup düzəlişlər qanuna edilən istisnalardan ibarətdir. Mövcud qanunvericiliyə əsasən ərazi quruluşu və inzibati ərazi bölgüsü ilə bağlı məsələlər həll edilərkən bir sıra sənədlərin hazırlanıb müvafiq icra hakimiyyəti orqanına təqdim olunması nəzərdə tutulur. İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həlli qaydasında onların inzibati tabeliyinin dəyişdirilməsi, qeydə alınması, birləşdirilməsi, ərazi vahidlərinə ad verilməsi və ya adlarının dəyişdirilməsi hallarında ərazi vahidlərində yaşayan vətəndaşların ümumi yığıncağının qərarı, inzibati ərazi dairəsi üzrə nümayəndəliyin vəsatəti və bələdiyyə orqanının qərarı tələb olunmayacaq. Bu məsələlər təqdim olunan qanun layihəsinin 8.5-ci, 9.4-cü, 9.6-cı və 10.3-cü maddələrində öz əksini tapıb.
Nəhayət, üçüncü qrup düzəlişlər. Yuxarıda adlarını çəkdiyim qanunların ən böyük çatışmazlığı ondan ibarətdir ki, bunlarda ərazi mübahisələrinin həlli ilə əlaqədar müvafiq təkliflərin hazırlanmasında hansı iqtisadi və sosial amillərin nəzərə alınması, hansı sənədlərin əsas kimi götürülməsi, onların təqdim olunması müddəti və sair məsələlər öz əksini tapmayıb. Qanuna “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması qaydası” adlı yeni əlavə edilən  III-1 fəsil bu boşluğu aradan götürür. Fəsildə mübahisələrə dair təkliflər və onların həlli qaydaları öz əksini tapıb və qeyd olunur ki, ərazi mübahisələrinin həlli müvafiq icra hakimiyyəti orqanının təqdimatı əsasında Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən həyata keçirilir.
Gündəlikdəki növbəti məsələ inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun ləğv olunmasıdır. “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Qanunda edilən dəyişikliklər inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin baxılması qaydasını tam əhatə edir. Buna görə də əsasnamənin ləğv edilməsi təklif olunur. Nəhayət, Torpaq Məcəlləsinə edilən dəyişikliyə əsasən qanunun 104-cü maddəsinin aşağıdakı yeni redaksiyada verilməsi təklif olunur: İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Təklif var, qanun layihələri səsə qoyulsun. Buyurun, 24-cü məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.58 dəq.)
Lehinə 106
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 107
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
25-ci məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.59 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Eldar müəllim, 26-cı məsələ Sizin komitədə müzakirə olunub. Buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputat həmkarlarım! Əlbəttə, Arif müəllim bu məsələyə toxundu. Burada söhbət konkret olaraq Torpaq Məcəlləsinin 104-cü maddəsindən, yəni inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrin həllindən gedir. Qüvvədə olan redaksiyada deyilir ki, bu mübahisələrə aidiyyəti üzrə Azərbaycan Respublikası Milli Məclisinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisinin yaratdığı xüsusi komissiyalar tərəfindən baxılır. Ancaq təklif olunur ki, artıq inzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada baxılsın, yəni mübahisələr indi bu qanuna uyğunlaşdırılır. Torpaq Məcəlləsinin 104-cü maddəsinin bu qanuna uyğunlaşdırılmasından söhbət gedir. Sağ olun.
Sədrlik edən. Aydındır, çox sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 104
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 104
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bu gün gündəliyimizin axırıncı məsələsi Hərbi vəziyyət haqqında qanun layihəsidir. İcazənizlə,  həmin qanun layihəsini mən sizə məruzə edəcəyəm. Hörmətli millət vəkilləri, bu gün Azərbaycan Respublikası xalqın milli maraqlarını təmin etməyə qadir olan müstəqil, demokratik və hüquqi dövlət olaraq öz inkişafı naminə milli təhlükəsizlik siyasətini müəyyən edir və həyata keçirir. Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş milli təhlükəsizliyin təminatı strategiyasının tərkib hissəsi olaraq insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sistemini konseptual əsasda müəyyənləşdirən Azərbaycan Respublikasının hərbi doktrinası məhz bu siyasəti özündə ehtiva edir. Məlum olduğu kimi, milli təhlükəsizlik dövlətin, cəmiyyətin və şəxsiyyətin  iqtisadi, sosial, siyasi, ekoloji, mənəvi, psixoloji və digər sahələr də daxil olmaqla hərbi təhlükəsizlik məsələlərini  əhatə edir. Ermənistanın mütəmadi olaraq cəbhə xəttində davam edən təxribatları nəticəsində yaranan gərginlik paralel olaraq Azərbaycanın informasiya məkanında yalan məlumatların və dezinformasiyanın yayılması, bir sıra hallarda özündə hərbi sirr daşıyan informasiyaların ötürülməsi, zaman-zaman düşmən diversantlarının cəbhə xəttini keçmək cəhdləri ölkənin informasiya məkanında və cəbhə xəttində təhlükəsizliyin  gücləndirilməsinin zəruri olduğunu sürətləndirən əsas amillərdəndir.
Bu baxımdan möhtərəm cənab Prezident İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə təmas xəttində bəzi təhlükəsizlik tədbirləri haqqında 2014-cü il 24 sentyabr tarixli Sərəncamı milli təhlükəsizlik maraqlarının və cəbhə xəttindəki vəziyyətin tələblərinə uyğun atılmış çevik addım idi. Bu mühüm sənədə əsasən Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ermənistan Respublikası silahlı qüvvələri ilə bitişik ərazilərdə təhlükəsizlik tədbirlərini gücləndirmək, milli təhlükəsizlik və müdafiə mülahizələrinə görə xüsusi əhəmiyyət kəsb edən obyektlərin dislokasiyası, təyinatı, silahlı birləşmələrin strateji, obyektiv, operativ və səfərbərlik üzrə yerləşdirilməsi, hərbi hissələrin təşkilati strukturu, şəxsi heyətin sayı barədə məlumatların, eləcə də “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa görə dövlət sirri təşkil edən hərbi sahəyə aid digər məlumatların, kütləvi informasiya vasitələrində və internet informasiya səhifələrində, o cümlədən sosial şəbəkələrdə yayılmasının qarşısının alınması sahəsində bəzi tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Sərəncamda qeyd edilmiş əsas tədbirlərdən biri kimi 1994-cü ildə qəbul edilmiş “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyasının hazırlanması göstərilmişdir. Yeni qanun layihəsi qanunvericilik texnikasının tələblərinə uyğun olaraq tamamilə yenidən işlənmiş və layihədə yeni maddələr öz əksini tapmışdır. Qanun layihəsi hazırlanarkən Azərbaycan Respublikasının Konstitusiyası, bu günə qədər hərbi qanunvericilikdə olan digər dəyişikliklər də nəzərə alınmışdır.
Hörmətli deputatlar, bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Hazırda qüvvədə olan və 1994-cü ildə qəbul olunmuş “Hərbi vəziyyət haqqında” Qanun 17 maddədən ibarətdir. Sözsüz ki, bu günə qədər fəaliyyətdə olan qanun 1994-cü ildən bu günə qədər  hərbi vəziyyətin, ümumiyyətlə, normativ hüquqi bazasını təşkil etmək baxımından xeyli iş görüb. Amma nəzərə almaq lazımdır ki,  bu qanun qəbul ediləndən sonra Azərbaycanın ilk milli Konstitusiyası, Hərbi doktrinası qəbul edildi, Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası, “Milli təhlükəsizlik haqqında” Qanun  və bir sıra digər hərbi qanunvericilik aktları qəbul edildi. Ona görə də zərurət yarandı ki, müzakirənizə çıxardığımız yeni qanun layihəsi qəbul edilsin.
İndi isə təqdim olunan qanun layihəsinin qüvvədə olan qanundan fərqli cəhətləri və layihədə öz əksini tapmış yeni müddəaları barədə məlumat vermək istərdim. 1994-cü il  yanvarın 6-da qəbul edilmiş, hazırda  qüvvədə olan qanun, qeyd etdiyim kimi, cəmi 17 maddədən,  hazırda müzakirənizə təqdim edilən qanun layihəsi isə 5 fəsil və 27 maddədən ibarətdir. Bu fəsillərin üzərində çox dayanmamaq şərti ilə oradakı əsas yenilikləri xronoloji ardıcıllıqla diqqətinizə çatdırmaq istərdim. Təqdim olunan qanun layihəsinin əsas mahiyyəti Azərbaycan Respublikasının bütün ərazisində hərbi vəziyyətin elan və ləğv edilməsini, hərbi vəziyyətin qüvvədə olma müddətinin uzadılmasını, hərbi vəziyyət rejiminin təmin edilməsi qaydasını, cəbhəboyu zonada hərbi hissələrin yerləşdiyi ərazilərdə rejimin xüsusiyyətlərini, hərbi vəziyyət şəraitində fiziki və hüquqi şəxslərin hüquqlarının təminatını müəyyən etməkdən ibarətdir. Layihənin preambulası onun mahiyyətini birbaşa açıqlayır.
I fəsil ümumi müddəaları nəzərdə tutur. Bu fəsildə Əsas anlayışlar və qanunvericiliklə bağlı müddəalarla yanaşı, hərbi vəziyyətin elan edilməsinin məqsədi, əsasları, dövrü, hərbi vəziyyətin qüvvədə olduğu müddətin uzadılması və ya ləğv edilməsi, “Hərbi vəziyyətin elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanının təsdiq edilməsi, hərbi vəziyyətin tətbiqi ilə əlaqədar səfərbərliyin elan edilməsi maddələri təsbit edilmişdir. Layihənin birinci maddəsi tamamilə yeni maddədir, burada qanunvericiliyimizə yeni daxil olan və qanunda istifadə olunan əsas anlayışların mənaları öz əksini tapmışdır. Layihənin 3-cü maddəsi də yeni maddədir. Bu maddədə hərbi vəziyyətin elan edilməsinin məqsədi, yəni hərbi vəziyyətin tətbiq edilməsi üçün əsaslardan biri olduqda mülkiyyət və təşkilat hüquqi formasından asılı olmayaraq bütün idarə, müəssisə və təşkilatların üzərinə düşən vəzifələri yerinə yetirmək üçün zəruri şəraitin yaradılması göstərilmişdir.
Layihənin 4-cü maddəsi diqqəti cəlb edən əsas maddələrdən biri olmaqla hərbi vəziyyətin elan edilməsinin əsaslarını müəyyənləşdirir ki, bu da qüvvədə olan qanunun maddəsindən fərqlənir. Belə ki, qüvvədə olan qanunda, yəni birinci maddədən söhbət gedir, hərbi vəziyyətin elan edilməsi üçün beş əsasın, yeni layihənin 4-cü maddəsində isə dörd əsasın olması göstərilir. Daha dəqiq desək, qüvvədə olan qanunda öz əksini tapmış Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq Azərbaycan Respublikasında müharibə vəziyyətinin elan olunması üçün beşinci əsas layihədən çıxarılmışdır ki, bu da bizim Konstitusiyamızın 111-ci maddəsinin tələblərinə tamamilə uyğundur. 
Layihənin I fəslində diqqət yetirilməli digər maddə 6-cı maddədir. Bu maddə “Hərbi vəziyyətin elan edilməsi haqqında” Fərmanın təsdiq edilməsindən bəhs edir. Fərmanın Milli Məclisdə təsdiqi iki halda, yəni Milli Məclisin sessiyası dövrünün olub-olmaması ilə əlaqədar  fərmanın dərhal Milli Məclisin təsdiqinə göndərilməsi və 24 saat ərzində qərar qəbul edilməsi göstərilmişdir. Milli Məclisin sessiyalarının olmadığı dövr üçün isə fərmanın Milli Məclisə təqdim edildiyi andan 72 saat keçənədək qəbul edilməsi göstərilmişdir. Layihədə isə “Hərbi vəziyyətin elan edilməsi haqqında” Fərmanın qəbul edilməsindən 24 saat müddətində Milli Məclisə təqdim edilməsi və Milli Məclisin növbəti və növbədənkənar sessiyası dövrünün olub-olmamasından asılı olmayaraq 48 saat müddətində ona baxılıb qərar qəbul edilməsi göstərilmişdir.
Layihənin II fəsli  “Hərbi vəziyyət rejiminin təmin edilməsi” adlanır. Bu fəslin 10-cu maddəsi hərbi vəziyyət rejiminin təmin edilməsinə yönəldilmiş tədbirlərdən bəhs edir ki, bu tədbirlər siyahısı da əvvəlki variantda nəzərdə tutulduğundan daha ətraflı şəkildə öz əksini tapmışdır. Layihənin  13-cü maddəsində hərbi vəziyyət dövründə referendumun, seçkilərin və yerli rəy sorğusunun keçirilməsinin yolverilməzliyi öz əksini tapmışdır. Həmin maddəyə görə  Azərbaycan Respublikası ərazisinin 25 faizindən çoxunda hərbi vəziyyət elan edildikdə həmin vəziyyət dövründə, həmçinin hərbi vəziyyət ləğv edildikdən sonra 3 ay müddətində referendum, seçkilər və ya yerli rəy sorğusu keçirilə və ya təyin edilə bilməz. Əvvəlki variantda isə, daha doğrusu, mövcud variantda isə yalnız referendumun keçirilə bilməməsi məsələsi öz əksini tapmışdı. İlkin variantdan fərqli olaraq layihədə öz əksini tapmış digər yeni maddələr də qeyd edilməlidir. 14-cü maddə “Hərbi vəziyyət rejiminin təmin olunması ilə əlaqədar silah, hərbi və xüsusi texnika, fiziki güc və xüsusi vasitələrin tətbiqi”, 15-ci maddə “Hərbi vəziyyət rejiminin təmin olunmasında hərbi idarəetmə orqanlarının vəzifələri”, 16-cı maddə “Hərbi  vəziyyətin elan edilməsinə səbəb olmuş əsasların aradan qaldırılması üzrə aparılan işlərin maliyyələşdirilməsi”, 18-ci maddə “Cəbhəboyu zonada təbliğat-izahat işləri” adlanır.
Qanun layihəsində bir sıra maddələr vardır ki, onların daha anlaşıqlı qarşılanması üçün xüsusi diqqət  yetirilməsi vacibdir. Bu maddələrdən biri də 3-cü fəslin “Hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının təminatı” adlanan 19-cu maddəsidir. Hərbi vəziyyətin qüvvədə olduğu müddətdə hüquqi və fiziki şəxslərin hüquq və azadlıqlarının təminatını tənzimləyən bu maddəyə görə qismən və müvəqqəti məhdudlaşdırılan hüquq və azadlıqlar istisna olmaqla, hərbi vəziyyət dövründə hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının Konstitusiyası və digər qanunları ilə müəyyən edilmiş bütün hüquq və azadlıqlardan istifadə edirlər.
Qanun layihəsinin “Hərbi vəziyyət dövründə qanunvericilik və məhkəmə hakimiyyəti orqanlarının, habelə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyətinin xüsusiyyətləri” adlanan 4-cü fəslinin “Hərbi vəziyyət dövründə qanunvericilik orqanının fəaliyyəti” adlanan 21-ci maddəsi, “Hərbi vəziyyət dövründə prokurorluq orqanlarının fəaliyyəti” adlanan 23-cü maddəsi, “Hərbi vəziyyət dövründə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) fəaliyyəti” adlanan 24-cü maddəsi fəaliyyətləri tənzimləyir, habelə “Hərbi vəziyyət dövründə ədalət mühakiməsinin həyata keçirilməsi” adlanan 22-ci maddə şərtləri müəyyən edir. “Yekun müddəalar” adlanan sonuncu fəsildə “Hərbi vəziyyətin elan edilməsi haqqında Birləşmiş Millətlər Təşkilatına və Avropa Şurasına məlumat verilməsi” maddəsi bu qanunun tələblərinin pozulmasına görə məsuliyyəti, habelə keçid müddəalarını nəzərdə tutur.
Hörmətli millət vəkilləri, fikrimcə, müzakirələr zamanı bu qanun layihəsinin zənginləşdirilməsi üçün verəcəyiniz təkliflər çox faydalı olacaq, çünki doğrudan da, bu, ilk növbədə digər qanunlarımız kimi  ümumdövlət və ümummilli maraqlara xidmət edən çox vacib bir sənəddir. Təşəkkür edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Azay Quliyev, buyurun.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Şübhəsiz ki, müzakirəmizə təqdim olunan qanun layihəsi çox mühüm əhəmiyyət daşıyır. Hörmətli Ziyafət müəllim də təqdimatında bu barədə ətraflı məlumat verdi. Əlbəttə, burada  yeni yaranmış hüquqi mühit,  Konstitusiyaya edilmiş əlavə və dəyişikliklərdən sonra yaranan vəziyyət nəzərə alınıb. Ümumiyyətlə, hərbi vəziyyətlə bağlı ediləcək əlavə və dəyişikliklər aprel hadisələrindən sonrakı vəziyyətlə bağlı qanunvericilikdə yaranmış yeni bir yanaşmanın tələbidir. Mən hesab edirəm ki, burada bir çox yeniliklər var, xüsusilə yeni anlayışlar var. Hərbi vəziyyətin tətbiq olunması ilə bağlı hüquqi reqlament çox dəqiqləşdirilib və bu, əlbəttə, imkan verəcək ki, istənilən halda hərbi vəziyyətin elan olunması ilə əlaqədar həm dəqiq hüquqi çərçivə müəyyənləşdirilsin, həm də bundan irəli gələn vəzifələr hamıya  aydın olsun. Burada “cəbhəboyu zona” anlayışının, komendant saatı barədə məlumatın verilməsi, hesab edirəm ki, təcrübi əhəmiyyətə malikdir. Ümumiyyətlə, nəzərə alsaq ki, qanun layihəsi birinci oxunuşa təqdim olunur, deməli, burada, əsasən, konseptual baxımdan yanaşmalar olmalıdır. Şübhəsiz ki, ikinci oxunuşda bizim imkanımız olacaq ki, hər maddə ilə bağlı təkliflərimizi verək, bu, habelə geniş müzakirəyə də təqdim olunmalıdır. Bəlkə bunun ictimai müzakirəsi də keçirilməlidir. Bütövlükdə hesab edirəm, konseptual baxımdan  layihəyə biz bu gün dəstək verməliyik. Mən bəri başdan bildirirəm ki, bu layihəni dəstəkləyəcəyəm. Amma bu mövzuya bilavasitə aidiyyəti olmasa da, dolayısı ilə aidiyyəti olan bir məsələyə  hörmətli millət vəkillərinin diqqətini cəlb etmək istəyirəm.
Bilirsiniz ki, bir neçə müddət bundan öncə “Ermənistan–Azərbaycan Sülh Platforması” adlı bir təsisat yaradıldı. Bu təsisat haqqında ictimaiyyətdə müxtəlif fikirlər var. Beynəlxalq qurumlarda, ayrı-ayrı xarici ölkələrin mətbuatında da bununla bağlı müəyyən fikirlər səsləndi. Mən hesab edirəm, bununla bağlı millət vəkillərinə ətraflı məlumat verilməsinin faydası var və fürsətdən istifadə edib, həm də ictimaiyyətin məlumatlandırılması baxımından bu platformanın mahiyyəti, məqsədi haqqında bir neçə kəlmə ilə fikrimi bildirmək istəyirəm. Bilirsiniz ki, dekabrın 7-də Ermənistandan olan 3 qeyri-hökumət təşkilatı və Azərbaycandan olan eyni sayda qeyri-hökumət təşkilatı bir araya gəldilər və “Ermənistan–Azərbaycan Sülh Platforması”nı təsis etdilər. Sülh platformasının təsis olunması təsadüfi deyil. Bilirsiniz ki, aprel hadisələrindən sonra, ümumiyyətlə, cəbhə xəttindəki, təmas xəttindəki yeni reallıqlar hamı tərəfindən etiraf və qəbul olunur. Bu yeni reallıq da ondan ibarətdir ki, artıq Azərbaycan tərəfi aprel hadisələri zamanı qəti mövqeyini nümayiş etdirdi ki, torpaqlarının işğalı ilə barışmayacaq. Bu da Ermənistan tərəfə ciddi bir mesaj oldu və təsadüfi deyildir ki, həmin hadisədən sonra Ermənistanın qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanın qeyri-hökumət təşkilatlarına istinadən müəyyən təkliflər irəli sürüldü. Belə təkliflərdən biri də Bakıda Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı bir toplantının keçirilməsi oldu. Təbii ki, buna da müvafiq şərait yaradıldı və nəhayət, münaqişənin tarixində ilk dəfə olaraq Ermənistandan olan hüquq müdafiəçiləri Azərbaycana gəldilər və buradakı həmkarları ilə bu tədbiri keçirdilər. Bu tədbirin əsas mahiyyəti ondan ibarət idi ki, hər iki tərəf – həm Azərbaycan, həm də Ermənistan tərəfi bu münaqişənin həlli yollarını necə gördükləri haqqında çox konkret və net olaraq fikir ortaya qoydular. Bu münaqişənin həm Ermənistanı, həm də Azərbaycanı  nə qədər böyük bəlalara, fəlakətlərə gətirib çıxardığını dərk etdilər. Nəhayət, prinsiplər müəyyənləşdirildi və bu prinsiplər əsasında dekabrın 7-də platforma təsis olundu. Həmin platformanın əsas prinsipi və ümumiyyətlə, müəyyən etdiyi çərçivə ondan ibarətdir ki, Ermənistan silahlı qüvvələri işğal etdikləri ərazilərdən qeyd-şərtsiz çıxmalıdırlar.
İkinci mühüm məqam ondan ibarətdir ki, Azərbaycanda olan, yəni həmin ərazilərdən qovulmuş məcburi köçkünlər öz evlərinə qayıtmalıdırlar. Digər mühüm müddəa ondan ibarətdir ki, Dağlıq Qarabağa yalnız və yalnız Azərbaycanın tərkibində  hüquqi status verilə biləcəyini Ermənistan qəbul etməlidir. Nəhayət, ən vacibi odur ki, bunlar hamısı ancaq o vaxt mümkün ola bilər ki, Ermənistanın siyasi rejimi bu təklifləri konkret olaraq qəbul etsin və başqa alternativlər  müzakirə mövzusu olmasın. Bu baxımdan da hesab edirəm ki, yeni yaradılmış bu platforma, ümumiyyətlə, ictimaiyyət tərəfindən dəstəklənməlidir. Bu platformaya  hazırda Ermənistan tərəfindən qoşulmaq istəyənlərin sayı çoxdur. Mən bunu demək istəyirəm ki, bir neçə gün bundan öncə bir neçə erməni gəncin bu platformaya qoşulmaq istəməsi barədə müraciəti var idi. Bu barədə məlumat verildi. Amma təəssüflər olsun ki, Sərkisyan rejimi nəinki sülh platformasının mahiyyətini qəbul etmir, əksinə, sülh çağırışına qoşulmaq istəyənlərə qarşı çox ciddi və aqressiv münasibət nümayiş etdirir.
Bilirsiniz ki, Xankəndindən olan gənc yazıçı Nersesyan  Ermənistanın təhlükəsizlik orqanları tərəfindən iki gün bundan öncə həbs edilib. Bu bir mesajdır. Ermənistan rejimi bir daha öz simasını nümayiş etdirmiş olur. Onun, ümumiyyətlə, sülh danışıqlarına münasibətini də  bilirsiniz. Son görüş may və iyun aylarında Sankt-Peterburqda olmuşdu və həmin görüşdən sonra hər hansı bir konkret qərar qəbul edilməmişdi. Bu qərarın qəbul edilməməsində, ümumiyyətlə, problemin sülh yolu ilə həll olunmamasında ən böyük məsuliyyət məhz Ermənistanın üzərinə düşür. Onların belə bir platformaya  maneçilik törətməsi və buna qoşulan hüquq müdafiəçilərinə bu qədər aqressiv münasibət sərgiləməsi, onları həbs etməsi, hesab edirəm, bu gün diqqətdən kənarda qalmamalıdır.
Əlbəttə, beynəlxalq təşkilatlar buna münasibət bildirməlidirlər. Mən xüsusilə təqdir edirəm ki, iki gün bundan öncə Avropa İttifaqının Bakıdakı səfiri xanım Malena Mard artıq bu məsələyə münasibət bildirib. Həmin gəncin həbsini pisləyib və ümumiyyətlə, bu platformaya dəstək ifadə edib. Mən hesab edirəm ki, ilk dəfədir, belə imkan yaranıb, ona görə də beynəlxalq təşkilatlar bunu düzgün qiymətləndirməlidirlər. Xüsusilə ATƏT-in Minsk Qrupunun  həmsədrləri  belə bir fürsəti qaçırmamalıdırlar. Çünki onlar həmişə sülhyaratma missiyasından, etimad mühitindən, xalqlararası dialoqdan və haqq diplomatiyasından danışırlar. Buyurun, bundan gözəl nə örnək ola bilər? Belə hesab edirəm ki, bizim millət vəkillərinin üzərinə müəyyən işlər düşür. Biz dostluq qruplarını bu işə cəlb etməliyik ki, həm ATƏT, həm AŞPA, həm NATO, eyni zamanda,  bizim üzv olduğumuz digər beynəlxalq təşkilatlar çərçivəsində  bunu dəstəkləyək.
Sonda bir məsələni də qeyd etmək istəyirəm, bizim  ictimaiyyətdə bəzən buna birmənalı yanaşmayanlar da tapılır. Mən soruşmaq istəyirəm, əgər bu gün bu platformanın üzvləri Xocalı soyqırımına həsr olunmuş abidəni ziyarət edirlərsə, bu abidə qarşısında baş əyib Ermənistan dövləti və  xalqı adından üzr istəyirlərsə, bunu niyə dəstəkləməməliyik? Əgər bu gün platformanın  üzvləri Ermənistanın işğalçı siyasətini ifşa edərək  torpaqların geri qaytarılmasını  sülhün əsas şərti kimi elan edirlərsə, biz bunu niyə dəstəkləməməliyik? Əgər bu platformanın üzvləri Dağlıq Qarabağın statusunun beynəlxalq hüquq normalarına uyğun  olaraq Azərbaycanın tərkibində müəyyənləşdirilməli olduğunu dünyaya bəyan edərək Ermənistan rejimindən də bunu tələb edirlərsə, bunu niyə dəstəkləməməliyik? Ona görə istərdim ki, ictimaiyyət də belə təşəbbüslərə birmənalı dəstək olsun. Bu baxımdan sizi məlumatlandırmağı vacib hesab etdim. İnanıram ki, bu  təşəbbüsün Ermənistanın daxilində yaratdığı effekt və buna qoşulmaq istəyənlərin sayının çoxluğu gələcəkdə bizim bütövlükdə siyasətimizə və danışıqlar masasındakı mövqeyimizə öz müsbət təsirini göstərəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Bu istiqamətdə işləmək lazımdır. Biz bəzi məsələləri araşdıracağıq. Məsələn, Dağlıq Qarabağın ombudsmanı aprel hadisələrinə görə beynəlxalq təşkilatlara müraciət edib. Baxmayaraq ki, biz də müraciət etmişik və aprel hadisələrində Azərbaycanın informasiya məkanı, həqiqətən, qalib kimi çıxıb, ancaq bu  məsələni  dayandırmalı deyilik. Bunların üzərində işləməliyik. Bütün beynəlxalq təşkilatlara üzv olan  deputatlarımız da, üzv olmayanlar da bu istiqamətdə öz işlərini aparmalıdırlar. Bu, aydın məsələdir.
Siz gündəlikdən kənar çıxış etdiniz. Mən həmkarlarımdan xahiş edirəm, bu, birinci oxunuşdur, konseptual yanaşmadır. Qanun layihələrinə bir az konseptual yanaşaq. Qüdrət Həsənquliyev buyursun.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Bir cümlə ilə qeyd edim ki, hörmətli Azay müəllimin çıxışını tam dəstəkləyirəm və düşünürəm ki, Ermənistan vətəndaşları Azərbaycanın ərazi bütövlüyünü tanıyırlarsa, Dağlıq Qarabağdakı  ermənilər Azərbaycan vətəndaşları kimi bizim hüquqlarımızı tanıyırlarsa, Azərbaycan qanunlarına tabedirlərsə, onlar hörmətə layiqdirlər.
Hörmətli Sədr, mən müzakirə olunan qanun layihəsi ilə əlaqədar olaraq ilk öncə qanun layihəsinin hazırlanmasında zəhməti olan hər kəsə dərin minnətdarlığımı bildirirəm. Doğrudan da, gözəl bir qanun layihəsi hazırlanıb. Amma burada xüsusi əhəmiyyət daşıyan  məsələlər var. Oqtay müəllim, bu, qanunun 6-cı maddəsi ilə bağlı olan məsələdir, amma bütövlükdə hesab edirəm ki, son dərəcə ciddi əhəmiyyət daşıyır. Burada hörmətli Ziyafət müəllim də söylədi, hərbi vəziyyət elan olunandan sonra Prezidentin fərmanı təsdiq üçün 24 saat ərzində Milli Məclisə göndərilir və 48 saat ərzində də Milli Məclis buna baxmalıdır. Biz Milli Məclis olaraq ən pis variantları gözümüzün qarşısına almalıyıq, yəni qonşu Türkiyədə baş verən hadisələr də göstərdi, bizim yerləşdiyimiz coğrafi vəziyyət, o cümlədən müharibə şəraitində olmağımız da bir daha təsdiq edir ki, Azərbaycan hansısa təcavüzlə üz-üzə qalsa, bu müddətlər son dərəcə əlverişsiz olacaq. Niyə? 24 saat  1 gün, 48 saat da 2 gün,  yəni 3 gün olur. Amma Azərbaycan ərazi baxımından, Oqtay müəllim, kiçik dövlətdir. Bu ölkənin, tutaq ki, bəzi sərhədlərindən paytaxta qədər hərbi texnika ilə hərəkət etmək üçün  4, maksimum 5 saat vaxt lazımdır.
İkincisi, bizim Konstitusiyanın  111-ci maddəsində də qeyd olunur ki, Prezident hərbi vəziyyət elan edir və 24 saat müddətində təsdiq üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərir. Ziyafət müəllim, mən diqqəti nəyə yönəltmək istəyirəm?  Burada qeyd olunmur ki,  bu, təsdiq olunduqdan sonra qüvvəyə minir. Amma bizdə 6.3-cü maddədə qeyd olunur ki, Prezidentin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edildikdən sonra qüvvəyə minir. Bəlkə biz bu cümləni belə yazaq: “Hərbi vəziyyətin elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanı Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilmədikdə qüvvədən düşür”. Niyə? Misal üçün,  ölkə daxilində də bəzən elə hadisələr baş verə bilər ki, Milli Məclisi toplamaq olmaz. Məsələn, Türkiyədə biz gördük ki, Türkiyənin Böyük Millət Məclisinin binasını bombaladılar, heç Böyük Millət Məclisi toplana bilmədi. O halda nə olacaq? Yəni düşünürəm ki,  bu, prinsipial məsələdir, ona görə bunu konseptual baxımdan birinci oxunuşda qaldırıram. Biz bu məsələni müzakirə edək ki, Prezidentin fərmanı imzalandığı andan qüvvəyə minir, amma 24 saat ərzində Milli Məclisə göndərilir, tutaq ki, 48 saat ərzində Milli Məclis onu təsdiq etmədikdə o qüvvədən düşür. Amma Prezident  oturub gözləsə, nə baş verər? Axı, düşmənə müqavimət göstərmək lazımdır, yaxud silahlı qüvvələrdən ölkə daxilində istifadə etmək lazımdır. Düşünürəm ki, balaca ölkə olduğumuza görə ərazi baxımından bu, son dərəcə təhlükəlidir. Həm də  söylədiyim kimi, ölkənin içində də bəzən fövqəladə vəziyyət yarana bilər. Söhbət təkcə Milli Ordudan getmir, tutaq ki, haradasa hərbi birləşmə  konstitusion dövlətə qarşı çıxdı. Bu halda gözləmək lazımdır ki, bu nə vaxt təsdiq olunacaq, ondan sonra Prezident Ali Baş Komandan kimi ölkə daxilində ordudan istifadə edəcək? Bu, dövlətçiliyimiz üçün də, ölkəmiz üçün də son dərəcə təhlükəlidir. “Fövqəladə vəziyyət haqqında” Qanunda da düşünürəm ki, bu məsələyə baxa bilərik. Oqtay müəllim, Konstitusiya bunu bizə qadağan etmir. Orada birbaşa göstəriş yoxdur ki, bu təsdiq olunduqdan sonra qüvvəyə minir.
Biz bu gün Hərbi vəziyyət haqqında qanun layihəsini müzakirə edirik. Bu gün həm də bizim bir general həmkarımızın 60 yaşı tamam olur, dünən də cənab Prezident tərəfindən “Şöhrət” ordeni ilə təltif olunub. Mən Əliağa müəllimi hamımızın adından təbrik edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Yaşını bir az qarışıq saldın.  Fəzail  Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!  Təqdim edilmiş Hərbi vəziyyət haqqında yeni qanun  layihəsi ölkəmizin müasir durumunu və reallığını özündə tamamilə  əks etdirir və əvvəlki qanundan bir sıra üstün cəhətləri ilə  diqqəti cəlb edir. Deməyə ehtiyac yoxdur ki, bu gün belə bir qanunun qəbul edilməsi son dərəcə vacibdir.
Uzun illərdən bəri Azərbaycan ərazisi Ermənistan tərəfindən işğal olunub. Minsk Qrupu həmsədrləri tərəfindən himayə olunduqları üçün torpaqlarımız işğaldan azad edilmir. Problemin sülh yolu ilə həll olunması üçün Azərbaycan tərəfindən ən müxtəlif təşəbbüslər ortaya qoyulsa da, Ermənistanın hərbi xuntası müxtəlif üsullarla söykənmiş olduğu himayədarlarının köməyi ilə hələ də torpaqlarımızın azad edilməsinə imkan vermir və düşünürəm ki, imkan da verməyəcək. Ona görə də belə bir bitkin və mükəmməl qanunun bizim müzakirəmizə verilməsi olduqca məntiqlidir və mən bunu alqışlayıram. Həm də söyləmək istəyirəm ki, qanun layihəsi kifayət qədər yüksək səviyyədə hazırlanıbdır. Mənə elə gəlir ki,  bunun gələcəkdə ikinci, üçüncü oxunuşunda da hər hansı ciddi xarakter daşıyan  dəyişikliklər olmayacaqdır. Çünki burada, demək olar ki, bütün məqamlar, dünyadakı ayrı-ayrı qanun layihələri nəzərə alınıb. Eyni zamanda, Azərbaycanın reallığı, torpaqlarımızın işğala məruz qalmasından doğan məntiqə uyğun olaraq  hərbi vəziyyət dövrünü şərtləndirən amillər, hərbi vəziyyət dövründə bütün sahələrdə  dövlətin həyata keçirəcəyi tədbirlər,  insan hüquq və azadlıqlarına qədər bütün müddəalar öz əksini tapıbdır. Düşünürəm ki, konseptual baxımdan biz bu gün bunu qəbul edə bilərik.
Sədarətə, xüsusilə Oqtay müəllim, Sizə müraciət edərək demək istərdim ki, bu qanunu birinci oxunuşda qəbul etdikdən sonra biz gecikmədən,  bəlkə mümkün olsa, bu ilin sonuna qədər ikinci və üçüncü oxunuşda da qəbul etsək, daha düzgün olar. Belə bir qanun layihəsinin daha tez qüvvəyə minməsi bizim üçün vacibdir. Mən dəfələrlə söyləmişəm, bu gün də bu qanunun mahiyyətinə uyğun olaraq təkrar edirəm ki, biz Ermənistana qarşı daha sərt və radikal addımlar atmasaq, Ermənistan heç bir halda işğal olunmuş torpaqlarımızı azad etməyəcək. Aprel döyüşlərindən sonra müəyyən dərəcədə ümidlər əmələ gəlmişdi, ancaq nəticə göz qabağındadır. Ermənistan Azərbaycanın münaqişəni istənilən formada sülh yolu ilə həll etmək təşəbbüslərini bloklayır, buna imkan vermir və çox təəssüf ki, onu himayə edən ATƏT-in Minsk Qrupu da Ermənistanın yanındadır.
Ona görə, təbii ki, mən, Oqtay müəllim, üzr istəyirəm, bəlkə bir balaca kənara çıxmalı oldum, ancaq bunu deməyə məcburam. Mən xalq diplomatiyasının və sülh platformasının xeyirxah və humanist xarakter daşımasına Azərbaycan tərəfinin mövqeyini yüksək qiymətləndirirəm və düşünürəm ki, burada çox səmimi münasibətlər mövcuddur. Lakin Ermənistandan bunu gözləmək, sadəcə olaraq, mümkün deyil. Ola bilsin ki, Ermənistanda 3 nəfər  jurnalist, həqiqətən, xalqın qayğılarına,  gələcəyinə hədəflənərək səmimi davranırlar. Lakin bundan sonra buraya gələcək olan jurnalistlərin, ayrı-ayrı adamların içərisində mən şübhə etmirəm ki, Ermənistanın xüsusi xidmət orqanlarının yetişdirdiyi, formalaşdırdığı insanlar olmasın və biz buna son dərəcə ehtiyatlı yanaşmalıyıq.  Digər bir tərəfdən, mənim şübhəm var. Fikirləşirəm ki, bu məsələ də Minsk Qrupunun həmsədrləri kimi 23 il yenidən Azərbaycanın əl-qolunu bağlaya bilər. Bu xalq diplomatiyası  beynəlxalq təşkilatlar tərəfindən müdafiə olunmaqla  bizim üçün bir buxova çevrilə bilər.
Mən Azay Quliyevin vətənpərvərliyini, onun yüksək dövlətçilik mövqeyini  həmişə  qiymətləndirmişəm və bu gün də o mövqeyimi özümdə nümayiş etdirirəm. Mənim fikirlərimi arzu edərdim ki, Azay müəllim başqa cür qiymətləndirməsin. Lakin erməniləri tanıdığım üçün demək istəyirəm ki, onlar son dərəcə riyakardırlar,  onların bu və ya digər addımlarına inanmağın özü bizə indiyə qədər çox böyük fəlakətlər gətirib  və bundan sonra da gətirə bilər. Ona görə,  bu platformaların  müəyyən həddi olmalıdır. Müəyyən vaxt da olmalıdır. Əgər istəyirlərsə, öz yerlərində qoy erməniləri  ifşa etsinlər, Ermənistanı işğalçı dövlət kimi qiymətləndirsinlər, Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını etiraf etsinlər, bunların hamısı öz yerində. Lakin biz ölkə Prezidentinin müəyyən etmiş olduğu xəttə uyğun olaraq və bu qanuna söykənərək  zamanında və vaxtında Ermənistana müharibə elan etməliyik və torpaqlarımızı hərbi yolla azad etməliyik. Ermənistanın Azərbaycan torpaqlarına qarşı 200 ildən bəri davam edən işğalına son qoymalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, bu məsələyə çox qısa şəkildə  münasibətimi bildirmək istərdim. Komitədə geniş müzakirə olunub, ona görə də bir neçə tezis söyləmək istəyirəm. Əlbəttə, sənədin mühümlüyü həm də ondan ibarətdir ki, qeyd olunduğu kimi,  4 günlük aprel döyüşlərindən sonra yeni hərbi-siyasi reallıqlar yarandı. Azərbaycan tərəfinin bu istiqamətdə atdığı bütün addımlar həm ölkə daxilində, həm ölkənin xaricində, xüsusilə də Ermənistanda çox ciddi təhlil olunur. Bu qanun layihəsinin yenidən qəbulu erməni mediasında və hərbi-siyasi dairələrində  belə öz əksini tapıb. Onlar hesab edirlər ki, Azərbaycan hüquqi cəhətdən hərbi vəziyyətin  cinahlarını möhkəmləndirir,  çərçivəsini genişləndirir və bu, açıq müharibə hazırlığı deməkdir. Bu təhlillərə Azərbaycan tərəfindən mane olunmur, düz də edilir.
İkincisi, əslində, hərbi vəziyyət elan olunmadan  dövlət, onun silahlı qüvvələri istənilən hərbi əməliyyata qarşı öz dirənişini göstərməlidir və zərbələrini vurmalıdır. Aprel müharibəsində hərbi vəziyyət elan olunmadan da öz müdafiəmizi təşkil etdik. Amma hörmətli həmkarım Qüdrət Həsənquliyevin 6-cı maddə ilə bağlı fikirlərinin narahatçılıq hissəsini o cəhətdən bölüşürəm ki, ümumən, parlamentin qəbul etməməsi çox ciddi hüquqi kolliziya yaradır, yəni sanki bir çözülməz vəziyyət yaradır. Doğrudur, Milli Məclis  istənilən  bir şərti vəziyyətdə, yəni tutaq ki, 2030-cu ildə, 2035-ci  ildə Prezidentin göndərdiyi hərbi vəziyyət elanetmə  müraciətini qəbul etmirsə, təbii ki, yenə də xalq döyüşür, yenə də silahlı qüvvələr döyüşür və sair. Amma bu, iki dəfə təkrarlanacağı təqdirdə nə baş verəcəkdir?  Ona görə də mən düşünürəm,  birbaşa sərt göstəriş ki qəbul olunmur, mənə elə gəlir, bu müddəanın üzərində bir daha işləmək  və ona yenidən qayıtmaq lazımdır.
Mənim toxunmaq istədiyim başqa bir məsələ 11.2-ci maddə ilə bağlıdır. Komitədə də bu haqda hörmətli Vüsal müəllim fikirlərini söyləmişdi. Yeri gəlmişkən, bu maddə ətrafında hakimiyyət əleyhdarları böyük bir kampaniya başlayıblar. Söhbət hərbi senzuradan gedir. Başqa bir forma varmı? Yəni dünyada müharibəyə daxil olan ölkə bir sıra qanunvericilik işlərində dəyişikliklər aparır, bir sıra hüquqları məhdudlaşdırır. O cümlədən medianı, siyasi partiyaları, ictimai fəaliyyəti və sair. Ayrı forma nədən ibarətdir? Biz 2014-cü ildə gördük, avqustun 3-də ermənilərin təxribatı nəticəsində 8 nəfər hərbçimiz həyatını itirdi. O zaman Azərbaycan mediası özü də bilmədən, xüsusilə  virtual  media tankın, topun, istənilən dislokasiyanın, hərəkətin, şayiələrin  iştirakçısına çevrildi və sanki həmin o döyüşlərdə qarşı tərəfin xeyrinə yanlışlıqlar oldu. Ona görə də düşünürəm ki, hərbi senzura bu qanundan istifadə edərək siyasi azadlıqların məhdudlaşdırılması  niyyəti ilə buraya daxil olan tamamilə düzgün müddəadır. 
Xatırlayırsınızsa, mən komitədə də səsləndirdim, bəli, dövlət bu gün 1990-cı illərdəki şəraitdə deyil, güclü ordumuz var. Amma bu bir reallıqdır ki, müharibə şəraitində müxtəlif qüvvələr meydana çıxır və könüllü olaraq deyirlər ki, bəli, biz də  döyüşçü ola bilərik. Ona görə hansısa bir maddəyə  daxil etmək lazımdır ki, rəsmi yaradılmış silahlı qüvvələrdən kənar dövlətin təhlükəsizliyinin silahlı müdafiəsinə başqa qüvvələr qoşula bilməzlər. Bunu ona görə deyirəm ki, 1990-cı illərdə, bilirsiniz,  vətənpərvərlik niyyəti ilə ayrı-ayrı partiyaların çevrəsində o qədər belə qüvvələr yaradıldı ki, hətta  şəhidlər də partiya mənsubiyyətinə görə bölünürdü ki, hansı partiyanın nə qədər şəhidi var.
Cənab Sədr,   həmkarımız Azay Quliyevin fikirlərini müdafiə etmək üçün qısa fikirlərimi səsləndirmək istəyirəm. Birincisi, sülh platforması Azərbaycanın ərazi bütövlüyünün təminatı yolunda silahlı müharibəmizin davamıdır. 2001-ci  ildə bu parlamentdə  Qarabağla bağlı müzakirələrdə  bir çoxları  iştirak edirdilər. Həsən Həsənovun çıxışını xatırlayıram. Onun çox gözəl bir ifadəsi var idi, istəyirəm, onu bir daha yada salaq. O deyirdi ki, müharibə vəziyyəti elan olunanda əsgər də, zabit də, bütün hərbiçilər də o məsuliyyəti dövlət başçısı ilə bölüşürlər. Bu, nisbətən asan vəzifədir. Amma siyasi müharibəni, siyasi danışıqları, diplomatik savaşı, əslində, tək Prezident özü aparır. Ona görə də kimsə düşünməsin ki, 3 nəfər jurnalistin və ya qeyri-hökumət təşkilatı təmsilçisinin Azərbaycana  gəlməsi səngərdə dayanan əsgərə vurma əmri deməkdir. Bu da müharibənin davamıdır, amma siyasi və diplomatik yolla davamıdır.
İkinci, Köçəryan və digərləri deyirdilər ki, bu xalqlar dinc yanaşı yaşaya bilməzlər. Bir də, “istənilən ermənini gördün, öldür” prinsipi ilə yaşayacağımız təqdirdə Köçəryanın mövqeyini doğrultmuş oluruq. Onlar da, Zori Balayan və digərləri də dünyaya göstərərlər ki, hətta ərazi bütövlüyünü  tanıyan, Konstitusiyaya hörmət edən, Xocalı abidəsi qarşısında  baş əyən, Şəhidlər Xiyabanına ermənilərin cinayət məkanı kimi  baxan bu millət istənilən ermənini öldürür, hətta sülh mövqeyində olanı da.
Üçüncüsü, biz deyirik ki, Qarabağdakı ermənilər həm də Ermənistan hakimiyyətinin girovudur. Bu siyasət, hətta bizə kömək edir. Dördüncüsü, ermənilər bu cür şəraitdə də Əlikram Hümbətovdan, Fəxrəddin Abbaszadədən istifadə edirlər. Gördüyünüz kimi, burada kimin nifrəti varsa,  çox haqlıdır.  Bu millətin şəhidi var. Heç bir erməniyə inanmamaq onların haqqıdır. Amma kim deyir ki, bu xətti həyata keçirəni təslimçi mövqeyə gedən erməniyə inanan kimi təsvir edəsən. Bəli, Stalin 1942-ci ildə, müharibənin ağır dövründə  deyirdi ki, biz alman xalqı ilə düşmən deyilik. Bunu ona görə edirdi ki, qarşı tərəfdə tərəddüdlər yaratsın, necə ki, biz yaratmışıq.
Hörmətli Azay müəllim qeyd etdi ki, erməni  birliyi mifi dağılıb. Bu məsələlərlə bağlı siz feysbukda, tviterdə olanları izləsəniz, görəcəksiniz ki, nə qədər nifrinlər yağdırırlar. Stalin bunu həm də ona görə edirdi ki, SSRİ xalqları içərisində almanlar var idi, onları qaldırıb faşizmə qarşı döyüşdürməli idi. Ona görə,  bizim də gücümüz ona çatmalıdır ki, nə qədər  absurd vəzifə olsa da, bir erməni tapaq, o da Qarabağdakı və Ermənistandakı ermənilərə qarşı döyüşsün. Yeri gəlmişkən, belə bir erməni olub. O, Azərbaycan tərəfindən ermənilərə qarşı vuruşub və ölüb. İndi onun adını nə istəyirsiniz qoyun. Mən bu sənədə səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən şərait yaratdım ki, Azay Quliyev bəzi məlumatları versin. Ancaq bizim 15–20 dəqiqə vaxtımız qalıb, qanun da qalıb başqa tərəfdə. 7 nəfər var. 20 dəqiqədən sonra onsuz da səsverməyə qoyacağıq. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Doğrudan da, Hərbi vəziyyət haqqında yeni qanunun qəbul edilməsi çox vacibdir və Ziyafət müəllimin də məruzəsindən göründü ki, nə qədər konseptual və fəlsəfi cəhətdən bitkin bir sənəddir. Konseptual yanaşma baxımından mənim bir neçə təklifim var. Mümkün olarsa, burada 10.1.25-ci maddədə təbii fəlakətlərin və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasına fiziki və hüquqi şəxslərin cəlb edilməsi məsələsi var. Biz bilirik ki, bu hal Konstitusiyanın 112-ci maddəsinə və “Fövqəladə vəziyyət haqqında” Qanuna aiddir. Yəni Hərbi vəziyyət haqqında qanunun əsasları həm Konstitusiyada göstərilib, həm də bu qanunun 4-cü maddəsində göstərilib, bu hallar yoxdur. Mən arzu edərdim ki, bunlar çıxarılaraq “Fövqəladə vəziyyət haqqında” Qanun işlənəndə oraya daxil edilsin. Yəni bu, hərbi vəziyyətə aid deyil.
İkinci bir məsələ elə 1-ci maddə ilə bağlıdır. Biz bilirik ki, hərbi vəziyyət Konstitusiyanın 111-ci maddəsində müvəqqəti hal kimi qeyd olunmayıb. Biz müvəqqəti hal kimi qeyd edirik. Arzu edirəm ki, burada Konstitusiyaya müəyyən bir uyğunluq olsun. Konstitusiyaya ən böyük uyğunluq məndən əvvəl çıxış edən həmkarlarımın çıxışları ilə bağlıdır. Bunun aradan qaldırılması təklifini etmək istəyərdim. Doğrudan da, biz bilirik ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən sənədin təsdiq üçün 24 saat müddətinə  Milli Məclisə  göndərilməsi Konstitusiyada öz əksini tapıb. Amma deyək ki, Konstitusiyanın 96-cı maddəsində, hətta Prezident təcili elan etdiyi halda belə qanunvericilik təşəbbüsü ilə baxılan bu müddət 20 gün təşkil edir. Yəni fövqəladə və hərbi vəziyyət haqqında qanun göndəriləndə hansı müddətə baxılmalı olduğu Konstitusiyada öz əksini tapmayıb. Eyni zamanda, bunun aradan qaldırılması üçün Konstitusiyaya dəyişiklik eləməyə imkanımız yoxdur. Amma biz bilirik,  ali qanunverici orqan kimi Milli Məclisin səlahiyyəti o qədər böyükdür ki,  onun bir qanunda deyil, həqiqətən,  daha yüksək statuslu sənəddə, normativ aktda səlahiyyətləri və işə baxma müddətləri əks olunmalıdır. Ona görə təklifim ondan ibarətdir ki, heç olmasa, Milli Məclisin Daxili Nizamnaməsində bu məsələlər öz əksini tapsın. Yəni Milli Məclis hansı qaydada baxırsa, o qayda öz əksini tapsın. Çünki bu Hərbi vəziyyət haqqında qanun birbaşa prosessual qanun deyil, yəni müvafiq qanunvericiliyi daha çox əks etdirir. Eyni zamanda, bununla müəyyən boşluqlar  aradan qalxar.  Dediyim kimi, Konstitusiyanın da imkan verdiyi təqdirdə bu cür düzəlişləri edə bilərik. Mən bunun yolunu ancaq belə görürəm. Bir daha təkrar edirəm ki, Daxili Nizamnamədə və həmin Hərbi vəziyyət haqqında qanunda Milli Məclisdə qanuna baxılma qaydaları və müddətlərinin tamamilə əks olunmasına imkan var. Bunu bu yol ilə aradan qaldıra bilərik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də qısa olaraq öz münasibətimi bildirmək istəyirəm. Doğrudan da, çox ətraflı şəkildə hazırlanmış bir qanundur. Hesab edirəm ki, bu qanunla gələcək fəaliyyətin tənzimlənməsi üçün kifayət qədər addımlar atıla bilər. Burada bəzi məsələlər ilə əlaqədar fikirlər söylənildi, deputat həmkarlarımın fikirlərini dəstəkləyirəm. Mən burada hərbi vəziyyət ilə yanaşı, həm də hərbi səfərbərlik məsələsinə də çox ciddi fikir verməyin tərəfdarıyam. Çünki hərbi vəziyyət elan olunduqdan sonra, təbii ki, biz bilirik, dondurulmuş münaqişə də göstərdi ki, bu, həll olunmuş münaqişə deyil. Nə vaxtsa donu açılacaq və münaqişə yenidən alovlanacaq. Bu alovlanmaya biz artıq hazır olmalıyıq. Aprel döyüşləri buna misal göstərildi və deyildi ki, elə bir gün,  an,  ictimai-siyasi proses yarana bilər ki, biz dərhal hərəkətə keçməli olarıq. O baxımdan da biz hər an hazırlığımızı əldə saxlamalıyıq.
Bir neçə təklifim var. Keçmişdə, Oqtay müəllim, təcrübədə də var ki, ümummilli lider sərhəd bölgələrinə istefada olan hərbçiləri rayon icra başçısı kimi təyin edirdi. Mən hesab edirəm ki, bu təcrübədən istifadə eləmək lazımdır. Bizim kifayət qədər istefada olan və dövlətinə, vətəninə sədaqət ilə xidmət eləyən hərbçilərimiz var. Onların həm idarəçilikdə, həm insanlarla ünsiyyətdə və həm də digər sahələrdə kifayət qədər  təcrübələri var. Ona görə də bəzi yerlərdə əgər zərurət olarsa, belə insanlardan istifadə etmək, mən hesab edirəm, vacibdir.
İkinci bir tərəfdən, hörmətli həmkarım Zahid müəllim də burada qeyd elədi, biz yada salsaq, 1990-cı illərdə ermənilərin qarşısını elə vətənpərvərlər aldı. Həmin vaxtlar silahlı dəstələr yox idi.  Vətənpərvərlər olmasa idi, ermənilər indi gəlib Kürdə dayanmışdılar. Ümummilli lider hakimiyyətə gələndə kimə müraciət elədi? Əfqanıstan döyüşçülərinə, müharibə təcrübəsi olan insanlara. 18 yaşında avtobusa basılıb aparılan uşaqlara yox. Onlar getdilər, ermənini Beyləqan ətrafından vurub çıxartdılar. Demək olar ki, ayrı-ayrı dövlətlərin qarışması olmasa idi, bütövlükdə işğal olunmuş ərazilər geri qaytarılacaqdı.
Mən səfərbərlik ilə əlaqədar demək istəyirəm ki, bu gün səfərbərlik idarəsi artıq müəyyən yaş həddinə qədər insanları siyahılaşdırmalıdır. Heç olmasa, 6 aydan bir onlara təlim keçməlidir. Yoxsa keçmişdə elə yolda, metroda qarşılarına kim çıxırdı, basırdılar avtobusa, çatan kimi də əlinə silah verib göndərirdilər. Nəticə etibarilə biz nə qədər şəhid verdik. Çünki bu insanların döyüş təcrübələri yox idi. Çoxu tikintidə, başqa-başqa sahələrdə çalışmışdı. Silahın adını bilmirdi. O baxımdan da bunlara təlim keçmək lazımdır. Əsasən,  aprel döyüşlərində biz şahidi olduq ki, əsas döyüşü aparanlar, erməniləri vurub çıxaranlar, onları darmadağın edənlər müqavilə əsasında döyüşən insanlar idilər. 18 yaşında uşaq hələ təzə-təzə bunu öyrənir. Bu, öyrənənə, gəlib o müddətə çatana qədər, psixoloji durumdan çıxana qədər artıq bu cür insanları hazırlamalıyıq ki, bunlar hazır vəziyyətdə olsunlar. İstənilən döyüş anında da bu addımlar atılsın.
Mətbuatla bağlı da qeyd etmək istəyirəm ki, bu məsələ çox düzgün olaraq  qoyulub. Çünki kim ordu haqqında nə istəyir, yazır. İndi artıq bunun qarşısı xeyli alınıb. Düzdür, bizi istəməyən qüvvələr müxtəlif internet saytlarında  müxtəlif şeylər yazırlar. Bizimkilər də bəzən buna uyur, götürüb öz qəzetlərində çap edirlər. Sonra görürlər ki, mənbəsi yoxdur. Hesab edirəm ki, bunun da qarşısı alınmalıdır. Hərbi vəziyyət vaxtında xüsusi olaraq alınmalıdır. Hərbi vəziyyət vaxtında ancaq hərbi vəziyyətə rəhbərlik eləyən orqan tərəfindən verilən məlumatlar dərc olunmalıdır. Başqa bir şey dərc oluna bilməz. O baxımdan, konseptual baxımdan qanun çox yaxşı hazırlanıb. Mən ona səs verəcəyəm. Xahiş edirəm, həmkarlarım da səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də bu fikirdəyəm ki, hazırda bizim müzakirə etdiyimiz qanun layihəsi qanunvericilik texnikası baxımından mükəmməl hazırlanıb. Həm də zamanla  hazırlanmış bir qanunvericilik aktıdır. Bunun zəruriliyinin bir səbəbi haqqında hörmətli Ziyafət müəllim özü də dedi. Bəli, 1994-cü ildəki qanundan sonra artıq bizdə həm yeni Konstitusiya olub, həm də Konstitusiyaya çoxlu dəyişikliklər edilib. Yeni institut, ombudsman institutu yaradılıb. Bu da çox yaxşı haldır ki, hazırkı qanun layihəsində  institutun fəaliyyəti, yəni insan haqları məsələsi ayrıca bənddə öz əksini tapıb və burada  sual doğuracaq heç bir məsələ yoxdur. Bütün bunlar məsələnin bir tərəfidir. Ancaq digər tərəfi də var. Biz açıq-aydın görürük ki, öz ordusu üzərində suverenliyi tamamilə başqa bir dövlətə verdikdən sonra Ermənistan rəhbərliyi danışıqlardan açıq şəkildə qaçır. Təbii ki, bu, bölgədə həm gərginliyi artırır, həm də müharibə vəziyyətini tamamilə real edir.
Az öncə Sülh platforması məsələsindən söhbət getdi. Ermənistan mediası izlənilsə, Ermənistan rəsmilərinin fikirlərinə diqqət yetirsək, görərik ki, həmin adamlar dəlixanaya salınmaqla hədələnir. Ermənistan mediasında bu cür insanların hətta məhv edilməsinə çağırışlar var. Özü də maraqlıdır ki, rus dilində gedən yazılarda bu yoxdur, amma ermənicə olan variantlarda bütün bunlar öz yerini tapıb və bu da ondan xəbər verir ki, regionda müharibə təhlükəsi realdır. Ermənistandakı işğalçı faşist rejimi istənilən an müharibə təhlükəsini reallaşdıra bilər. Bu baxımdan, təbii ki,  olduqca vaxtında müzakirəyə çıxarılmış bir qanundur.
Qanunun 2-ci fəslində, baxıram, 10.1.22-ci, 10.1.23-cü, 10.1.24-cü maddələrdə məhz hərbi vəziyyət şəraitində kütləvi informasiya vasitələrinin rolunun tənzimlənməsi ilə bağlı məsələlər öz əksini tapıb. Amma aprel döyüşləri zamanı bir reallıqla da rastlaşdıq. Bizdə sosial şəbəkə deyirlər, əslində, bu, sosial mediadır. Sosial mediada lazımsız paylaşmalar gördük, hərbi texnikanın şəkillərinə, müəyyən şayiə xarakterli məlumatlara və bəzən düşmənin özünün dezinformasiyasının təzədən təkrarlanması hallarına rast gəldik. Mənə elə gəlir ki, burada sosial şəbəkənin iş prinsipinin tənzimlənməsi məsələsi də öz əksini tapmalıdır. Çox sevindirici haldır ki, cəbhəyanı zonada insanlarla maarifləndirmə və təbliğat  məsələləri ilə bağlı maddə öz əksini tapıb. Amma hər bir insanın qapısına gedib, onunla kontaktda olub danışmaq həmin dövrdə o qədər də asan məsələ deyildi. Ümumiyyətlə, hər bir insan təkcə informasiya istehlakçısı deyil, həm də istehsalçısı rolunda çıxış edir. Mənə elə gəlir ki, məsələnin bu tərəfinə də diqqət yetirmək lazımdır. Xüsusilə sosial media məsələsində.
Sosial mediada hərbi vəziyyət şəraitində insanların davranışı məsələsi, məncə, bir maddədə öz əksini tapmalıdır. Təbii ki, ikinci oxunuşda bu təfərrüatlara varacağıq. Amma hər ehtimala qarşı indi demək istərdim ki, 1-ci fəsildə 1.0.5-ci maddədə  internə edilmə məsələsi var. Təbii ki, bu, latın sözü “interna”dan götürülüb. Türklər, düzdür, bu ifadəni işlədirlər, amma Azərbaycan dilinin qrammatik qaydalarına uyğun gəlmir. Yəni bizdə bu,  oturuşmuş forma deyil. Bəlkə bu, təcrid etmə ilə əvəzlənməlidir? Ya nəzarət altında məcburi saxlanma ilə əvəzlənməlidir? Onsuz da orada  izahı gedir. Bunu təklif edirdim. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. 5 dəqiqəmiz var, bir deputat da çıxış etsin. Rövşən Rzayev buyursun.
R.Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təəssüflər olsun ki, Azərbaycanın ərazi bütövlüyü işğal altındadır və bu işğal siyasəti hələ də davam etdirilir. Məhz ona görə də təqdim olunan qanun layihəsi çox vacibdir. Hərbi vəziyyət  hər an baş verə bilər və Azərbaycan, təbii ki, bu baş verdikdə qanuna müvafiq  hərəkət etməlidir, idarə və təşkilatlar da qanuna müvafiq işləməyi bacarmalıdır. Çox sağ olsun hörmətli Ziyafət müəllim, layihədə təqdim olunmuş maddələri kifayət qədər ətraflı izah edə bildi və düşünürəm ki, hər birimiz bu qanun layihəsini dəstəkləyəcəyik. Amma eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan son dövrlərdə Silahlı Qüvvələrin Ali Baş Komandanı, ölkə Prezidenti hörmətli İlham Əliyevin düşündüyü və istədiyi inkişafa nail ola bilib. Azərbaycanın Silahlı Qüvvələri bu gün regionda aparıcı qüvvə kimi mövcuddur və beynəlxalq hüquqi prinsiplərə söykənərək öz ölkəsinin ərazi bütövlüyünü təmin etməkdən ötrü antiterror əməliyyatları keçirə bilər. Ehtiyac olduqda biz bunu edəcəyik, buna  heç  şübhəmiz yoxdur.
Hörmətli Azay  müəllim, eyni zamanda, yeni yaranmış Sülh platforması haqqında mövqe səsləndirdi və o platformanın üzvlərindən biri olduğumdan mən də öz mövqeyimi bildirmək istəyirəm. Çox yaxşı ki, Azərbaycanda heç bir hərbiçi bizim kimi düşünmür. Mən platformanın iştirakçılarını nəzərdə tuturam. Çünki hərbiçi öz düşüncəsi ilə yaşamalıdır, inkişaf etməlidir, biz isə sülh uğrunda mübarizəmizi davam etdirməliyik. Bu platformanın yaradılmasının məqsədi münaqişənin sülh yolu ilə həllinə öz töhfəsini verməkdir. Minsk Qrupu çərçivəsində aparılan danışıqlar prosesində yalnız ölkə Prezidenti cənab İlham Əliyev aparıcı şəxsdir,  biz isə Sülh platformasına öz töhfəmizi verməyə çalışırıq. Təəssüflər olsun ki, biz o platformanı yaradandan və platforma bu günə qədər öz işini apardıqdan sonra  gördük ki, işğalçı Ermənistan rejimi Azərbaycanın ərazi bütövlüyünü işğal etdiyi kimi, Sərkisyan–Köçəryan cütlüyü də Ermənistanın siyasi rəhbərliyini  işğal edib və bu işğalı dəstəkləyən qüvvələr  Ermənistandan və Dağlıq Qarabağdan öz səsini sülhə vermək istəyənlərə qarşı təzyiqdən istifadə edirlər. Sonuncu səs verəni də  hazırda tutub saxlayıblar və digərləri də təzyiq altında yaşayırlar.
Düşünürəm ki, hər birimiz beynəlxalq təşkilatlara müraciət etməliyik və onlar Ermənistan rəhbərliyinə sual verməlidirlər ki, sülh istəmirsənsə, bəs nə istəyirsən? Onlar açıq-aşkar bu barədə öz mövqelərini bildirməlidirlər. Mən istəyərdim ki, biz Minsk Qrupu çərçivəsində  olan dövlətlərin rəhbərlərinə müraciət edək, nəinki həmsədrlərə. Bəs status-kvonu dəyişmək barəsində bunlar nə düşünürlər? Niyə beynəlxalq təşkilatlar, xüsusən də Azərbaycana ləkə yaxmaq kampaniyasının önündə dayanan təşkilatlar bu gün öz səslərini çıxarmırlar? Bu baxımdan, mən istərdim ki, bizim hər birimiz öz mövqeyimizi bildirək və sülhə hə deyən, Azərbaycanın ərazi bütövlüyünü müharibəsiz qurtarmaq istəyən hər bir adam öz səsini, öz mövqeyini hər iki dövlətdə səsləndirə bilsin. Ümumiyyətlə, təqdim olunan layihəyə mən öz müsbət münasibətimi bildirmək istəyirəm və təbii ki, ikinci, üçüncü oxunuşlarda mövqeyimi daha dərindən bildirəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Elman Nəsirov, Əflatun Amaşov, Çingiz Qənizadə, ikinci oxunuşda növbədənkənar olaraq bu məsələni ilk sizinlə başlayacağıq. İndi, xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda konseptual baxımdan münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 14.59 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 103
Nəticə: Qəbul edildi

Çox sağ olun, qanun layihəsi birinci oxunuşda qəbul edildi. Sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi