2017-ci il 1 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 53

Milli Məclisin iclas salonu.
1 dekabr 2017ci il
.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 117 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 101
Yetərsay 83

İclasa dəvət olunmuşlar:

Kərim Vəliyev, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
Rauf Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi.
Vidadi Əliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunları Komandanının müavini.
Elçin İbrahimov, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri.

 

*   *   *

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Şahin Mustafayev, Azərbaycan Respublikasının iqtisadiyyat naziri.
Səlim Müslümov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Tahir Budaqov, Azərbaycan Respublikası Dövlət Statistika  Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Mərkəzi Bankı İdarə Heyətinin sədri.
Sahir Məmmədxanov, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadiyyat nazirinin müavini.
Vüqar Gülməmmədov, Azərbaycan Respublikası Hesablama Palatasının  sədri.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Konstitusiya Qanununun layihəsi haqqında.
 2.Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
4. 2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
6. “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
8. “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
12. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
19. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
20. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
21. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
22. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
23. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
24. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında.
25. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.
26. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
27. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
30. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
31. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 109
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

1. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Konstitusiya qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

2. Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Əhliman Əmiraslanov, Siyavuş Novruzov, Fazil Mustafa

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 107
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

3. “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

4. 2005-ci il martın 30-da Varşava şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Sazişdə dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında” Protokolun təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

5. 1999-cu il 28 sentyabr tarixində Vaşinqton şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında kütləvi qırğın silahlarının yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Amerika Birləşmiş Ştatlarının Azərbaycan Respublikasındakı Səfirliyi arasında notalar mübadiləsi formasında bağlanmış Sazişin təsdiq edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

6. “Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 109
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

7. “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında  Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

8. “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqında” Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Yaponiyanın Azərbaycan Respublikasındakı Səfirliyi arasında” Notalar Mübadiləsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

9. “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

10. “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

11. Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

12. “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Ziyafət Əsgərov, Əflatun Amaşov, Aydın Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

14. “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

15. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Rafael Hüseynov, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

16. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

18. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Tahir Rzayev, Tahir Kərimli, Sahib Alıyev, Siyavuş Novruzov, Elman Nəsirov, Zahid Oruc, Fəzail Ağamalı

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

19. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Samir Şərifov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

20. Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

21. İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

22. Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

23. Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

24. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

25. Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün xərclər smetası haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

26. “Pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Araz Əlizadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

27. “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

28. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

29. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

30. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Əli Hüseynli, Elmira Axundova, Qüdrət Həsənquliyev, Adil Əliyev, Zahid Oruc, Bəxtiyar Əliyev, Vüsal Hüseynov, Səməd Seyidov, Siyavuş Novruzov, Elşən Musayev, Çingiz Qənizadə, Rüfət Quliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

31. Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişdir:  Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 


MİLLİ MƏCLİSİN  İCLASI

1 dekabr 2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz. 

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 101
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, bir şeyi nəzərinizə çatdırım: 2018-ci il büdcəsinə və büdcə zərfinə daxil olan sənədlərə günün ikinci yarısında, saat 4-dən sonra baxacağıq, çünki dövlət tədbirləri var, bir-iki sənəd imzalanmalıdır. Ona görə ikinci hissəyə keçiririk. İndi işimizə gündəliyin büdcədən sonra gələn məsələləri ilə başlayırıq. Birinci. “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununda dəyişikliklər edilməsi barədə Əli Hüseynli buyursun.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən “Normativ hüquqi aktlar haqqında” Konstitusiya Qanununa dəyişikliklər edilməsi barədə qanun layihəsi təqdim olunmuşdur. Bu layihənin işlənib hazırlanması ilk növbədə normativ hüquqi aktların hazırlanmasında səmərəliliyin daha da artırılması, vaxt itkisinə yol verilməməsi və çevikliyin təmin edilməsi məqsədi daşıyır. Bu Konstitusiya qanununun layihəsi komitədə işçi qaydada müzakirə olunmuşdur. Millət vəkillərinin də bir sıra təklifləri olmuşdur.
İndi mən sizə artıq qanunvericilik subyekti ilə razılaşdırılmış son variantı təqdim etmək istəyirəm. Bu variant hörmətli millət vəkillərində olan variantdan bir qədər fərqlənir.  Belə ki, 70.3-cü maddə aşağıdakı redaksiyada verilir: “Azərbaycan Respublikasının Milli Məclisində dövlətlərarası və Azərbaycan Respublikasının qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiqi və ləğv edilməsi barədə, qanunların uyğunlaşdırılması məqsədi ilə hazırlanmış, həmçinin ad və ya digər rəqəm dəyişiklikləri nəzərdə tutan qanun layihələrinə bir oxunuşda, digər qanun layihələrinə isə üç oxunuşda baxılır”. Bununla bağlı bizim bir müzakirəmiz də olmuşdu. Bu təkliflər həm də millət vəkillərinin təklifləri idi. Bu təkliflər qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdırıldı. Bilirsiniz ki, parlamentin özünün bir iş rejimi var və biz bu məsələləri ona uyğunlaşdırmalıyıq.
75.1-ci maddə ilə bağlı isə deyim ki, ad və rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktda dəyişikliklərin edilməsi zərurətinin yarandığı hallar istisna olmaqla bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktda dəyişikliklər edə bilər. Dəyişikliklər edilməli olan normativ hüquqi aktların sayı çox olduqda həmin dəyişikliklərin bir neçə hüquqi normativ akt çərçivəsində edilməsinə yol verilir.
Nəhayət, 76.3-cü maddənin yeni variantında ad və ya rəqəm dəyişiklikləri, həmçinin normativ hüquqi aktın qəbul edilməsi ilə əlaqədar bir neçə normativ hüquqi aktın ləğv edilməsi zərurəti yarandığı hallar istisna olmaqla bir normativ hüquqi akt yalnız bir normativ hüquqi aktı ləğv edə bilər. Bu halda ləğv edilməli olan hüquqi aktın sayı çox olduqda ləğvetmənin bir neçə normativ hüquqi akt çərçivəsində edilməsinə yol verilir.
Hörmətli millət vəkilləri, həmçinin 29.2-ci, 76.1-ci və 85.3-cü maddələrə də texniki düzəlişlər edilmişdir. Misal üçün, 76.1-ci maddədə “və ya onların struktur elementləri (bölmələr, fəsillər, maddələr, hissələr)  və sair” sözləri “və ya onların struktur elementləri” sözləri ilə əvəz edilmiş, 85.3-cü maddədə isə “30 gün” sözlərindən əvvəl “ən azı” sözləri əlavə edilmişdir. Diqqətinizə görə çox sağ olun. Səsvermə zamanı isə Konstitusiya Qanunu olduğunu nəzərə almağınızı xahiş edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən üzr istəyirəm, gündəliyi səsə qoymadıq, xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.07 dəq.)
Lehinə 109
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 111
Nəticə: Qəbul edildi

Gündəlik təsdiq edildi, sağ olun. 
Hörmətli millət vəkilləri, Normativ hüquqi aktlar haqqında qanun layihəsinə dair çıxış eləmək istəyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
İkinci məsələ Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsidir. Bildiyiniz kimi, üçüncü oxunuşdur. Hadi müəllim buyursun.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Ölkəmizdə möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə sosial siyasətin zaman-zaman prioritetləri müəyyənləşdirilir və onların həyata keçirilməsi üçün konkret, sistemli, proqramlarla dəqiqləşdirilmiş iş aparılır. Belə prioritetlərdən biri də insanların səhhətinə ziyan vuran səbəblərin aradan qaldırılması və sağlam həyat tərzinin cəmiyyətdə təbliğ və təşkil edilməsidir. Sadaladığım kompleks neqativ problemləri yaradan səbəblərdən biri də məhz siqaret çəkilməsi, tütün məhsullarının istehlakıdır. Elə bu baxımdan artıq neçə müddətdir ki, Əmək və sosial siyasət komitəsində Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi vaxtaşırı müzakirə olunur, dünya təcrübəsi öyrənilir və reallıqlara cavab verən daha təkmil qanun layihəsinin ortaya çıxarılması üçün ardıcıl iş aparılır. Onu da vurğulamağı özümə borc bilirəm ki, bu hüquqi sənədin hazırlanması və müzakirələri prosesində beynəlxalq təcrübənin öyrənilməsi ilə bağlı səfərlərin təşkilində parlament rəhbərliyinin daim diqqət və dəstəyini hiss etmişik.
Bildiyiniz kimi, bu il mayın 16-da Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi Milli Məclisin plenar iclasında ikinci oxunuşda müzakirə olundu. Millət vəkilləri Əhliman Əmiraslanov, Jalə Əliyeva, Şahin İsmayılov debatlarda çıxış edərək sənədi yüksək qiymətləndirdilər və layihəyə müsbət rəy bildirdilər. İyunun 5-də isə qanun layihəsi Əmək və sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında geniş müzakirə edilərək üçüncü oxunuşa tövsiyə edildi. İclasda millət vəkilləri Əli Hüseynli, Vüsal Hüseynov, Fazil Mustafa və digərləri layihəni konkret sitatlarla müsbət dəyərləndirməklə yanaşı, bir sıra faydalı təkliflər də irəli sürmüşdülər.
Hörmətli deputat həmkarlarım, sənədin ikinci oxunuşda qəbulundan ötən müddət ərzində səslənən rəy və təkliflər üzərində aparılan işlərin qısa xülasəsini nəzərinizə çatdırmaq istərdim. İlk növbədə diqqətinizi 1.0.9-cu maddəyə yönəltmək istəyirəm. Bu maddədə siqaret çəkmək üçün xüsusi ayrılmış yerlərdən söhbət gedir. Biz əvvəlki variantda yazırdıq ki, xüsusi ayrılmış yerlərin təşkil edilməsi mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq bütün müəssisə və idarə rəhbərlərinin, eləcə də işəgötürənlərin üzərinə bir öhdəlik, tələb kimi qoyulsun. Təbii ki, xüsusi yerlərin ayrılması böyük təşkilatlar üçün problem yaratmır, yəni onlar bunu etmək iqtidarındadırlar. Lakin elə müəssisələr var ki, həqiqətən, obyektiv səbəblərdən tütün istifadəçiləri üçün xüsusi şərait yarada bilmirlər. Çünki bu qanunun tələblərinə uyğun olaraq həmin yer havalandırma sistemi ilə təmin olunmalı, sanitar-gigiyenik normalara cavab verməlidir. Yəni bəzi kiçik müəssisələrdə, xüsusilə kənd yerlərində ümumi sahə imkan vermir ki, bu binalar siqaret çəkmək üçün xüsusi ayrılmış yer ilə təmin olunsunlar. Odur ki, yeni dəyişiklikdə xüsusi ayrılmış yerlərin təşkili artıq tələb və öhdəlik kimi qoyulmur, mülkiyyət sahiblərinin ixtiyarına buraxılır. Belə yerlərin olmaması isə avtomatik olaraq qapalı ərazidə tütündən istifadəni qadağan edir. Bu çox ciddi bir məqamdır. Əslində, tütün çəkməni məhdudlaşdırmaq üçün mən deyərdim ki, yeni bir mütərəqqi addımdır. Belə təcrübəni biz başqa ölkələrdə görmüşük və hesab edirəm ki, bizim üçün bu, daha məqbul bir variantdır. Belə olanda artıq işçilər öz iş yerlərində tütündən istifadə etməyəcək və  açıq havaya çıxmalı olacaqlar. Bu da düşünürəm ki, qanunun işləməsi üçün labüd məqamlardan biridir.
Hörmətli cənab Sədr, mən məsələyə tam aydınlıq gətirmək üçün iki məqama toxunmaq istərdim. Birinci məqam ondan ibarətdir ki, 1.0.9-cu maddədəki bütün tələblər qəlyan və tütün məmulatlarından istifadənin digər formalarına da şamil olunur. Yəni bu, birmənalı qəbul olunmalıdır. İkinci məqam nədən ibarətdir? 1.0.9-cu maddədəki qaydaların pozulmasına görə məsuliyyət bu qanunla deyil, İnzibati Xətalar Məcəlləsinin müvafiq müddəaları ilə həyata keçirilir. Yəni bu məsələ də gündəmdə var. Adamlar bilsinlər ki, məsələ bu cür tənzimlənəcək.
Qanun layihəsinin 5.1.1-ci və 5.1.2-ci maddələrində redaktə xarakterli düzəlişlər edilmişdir. 11.3-cü və 11.4-cü maddələrdə isə mahiyyətə toxunmamaq şərtilə bəzi ixtisarlar aparılmışdır. “Kütləvi informasiya vasitələrində tütündən istifadənin zərəri və ətraf mühitdəki tütün tüstüsünün ziyanlı təsiri barədə biliklərin təbliği” adlanan 12-ci maddə “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə uyğun şəkildə yenidən işlənmişdir. “Tütün məmulatlarının reklamının, satışının stimullaşdırılmasının və sponsorluğunun qadağan edilməsi” adlı 14-cü maddədə “xeyriyyəçilik fəaliyyətinin təşkili və həyata keçirilməsi zamanı tütün təşkilatlarına məxsus firma adlarından, əmtəə, xidmət və kommersiya imkanlarından istifadə edilməsi” fikri çıxarılmış, bəzi maddələrdə kiçik korrektələr edilmişdir.  Həyata keçirilən bu dəyişikliklər, əsasən, bunlardan ibarətdir.
Hörmətli cənab Sədr, layihənin vacibliyini deputat həmkarlarıma bir daha çatdırmaq üçün ölkəmizdə bu problem ilə bağlı mövcud olan bəzi statistik rəqəmləri yenə də yada salmaq istəyirəm. Belə ki, ölkə əhalisinin 20–44 yaşındakı kişilərinin 30 faizi,  45–64 yaşlarındakılarının isə 51 faizi siqaret çəkir. Onlar hər gün orta hesabla 16 ədəd siqaretdən istifadə edirlər. Bunlar respublikamızda olan rəqəmlərdir. Aparılan sorğular respublikada başqa bir statistikanı bizə çatdırır. Siqaret çəkməyib tütün tüstüsündən əziyyət çəkən kişilər 67,5 faiz, qadınlar isə 52,3 faizdir. Onu da qeyd edim ki, bu narahatçılıq daha çox cavanlar arasında və ictimai yerlərdə baş verir. Çıxışımı 2017-ci il aprelin 17-də möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Yevlax şəhərində keçirilən müşavirədə söylədiyi bir fikir ilə bitirmək istəyirəm. Möhtərəm Prezidentimiz deyib: “Mən özüm siqaret çəkmirəm, heç kimə də məsləhət görmürəm. Ümid edirəm ki, Azərbaycanda siqaret çəkənlərin sayı azalacaq”. Odur ki,  əziz deputat həmkarlarım, mən sizləri bu qanun layihəsinə üçüncü oxunuşda səs verməyə çağırıram. Hesab edirəm ki, bununla biz ölkəmizdə sağlam həyat tərzinin təbliğinə, vətəndaşların zərərli vərdişlərdən çəkinməsinə, ətraf mühitin ziyanlı maddələrdən qorunmasına yaxından kömək etmiş olarıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Deyəsən, bizim bəzi deputat həmkarlarımızın yadından çıxıb ki, bu, üçüncü oxunuşdur. Üçüncü oxunuşda müzakirələr o qədər çox olmur. Əgər sualı olan varsa,  xahiş edirəm, qısa şəkildə versin. Xahiş edirəm, üçüncü oxunuş olduğunu nəzərə alasınız. Hamı təcrübəli deputatdır, üçüncü oxunuşa 6 adam yazılıb. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri və qonaqlar! Mən də hesab edirəm ki, bu qanun çox vacib bir qanundur və cəmiyyətimizin uzun illərdir gözlədiyi bir qanundur. Bu gün bu qanunun  qəbul olunmasına artıq biz çox yaxınıq. Bu qanun bəlkə də bizim qanunlar arasında, istər Milli Məclisdə, istərsə də Milli Məclisdən kənarda, mətbuatda ən çox müzakirə olunan qanunlardan biridir. Qanun çox mükəmməl hazırlanıb və dünyanın inkişaf etmiş ölkələrində bu sahədə qəbul olunmuş qanunlardan heç də geri qalmır.
Hörmətli Oqtay müəllim, mən bu qanunu qəbul eləməyin vacibliyinin bir neçə məqamını istərdim nəzərinizə çatdırım. Dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsi göstərir ki, qanun qəbul olunduqdan sonra onun icrasına nəzarət son dərəcə vacibdir. Hansı ölkələrdə ki qanunun icra mexanizminə, o icraya ciddi nəzarət var, orada onlar böyük uğurlar qazanıb,  bunu  yaddan çıxartmaq olmaz. “Tütünə qarşı mübarizə haqqında Ümumdünya Səhiyyə Təşkilatının Konvensiyası” var. Çox güman ki, biz bu qanunu qəbul etdikdən və möhtərəm cənab Prezidentimiz təsdiq etdikdən sonra bizim ölkə də həmin konvensiyaya qoşulacaq.
Mən bir neçə rəqəmi istərdim ki, nəzərinizə çatdırım. Bəlkə də bu artıqdır, üçüncü oxunuşdur. Yəni dünya təcrübəsi göstərir ki, belə qanunlar qəbul olunduqdan sonrakı ilk ildə siqaret çəkənlərin 10–17 faizi siqareti atır. Bu çox böyük rəqəmdir. Yetkinlik yaşına çatmayanlarda isə bu, 25 faizdir. Ancaq qanunun tətbiqindən sonra əhali arasında siqaret çəkənlərin payının xeyli azalması nəzərə çarpır. Məsələn, Amerika Birləşmiş Ştatlarında qanun qəbul olunduqdan sonra birinci il miokard infarktı olan xəstələrin sayı 15 faiz azalıb ki, bu da büdcəyə 5 milyard qənaət deməkdir. Yəni bu rəqəmləri mən ona görə deyirəm ki, bu qanun son dərəcə vacib bir qanundur. Bu qanun bizim səhiyyə komitəsində də geniş müzakirə olundu  və biz bir neçə təklif də verdik. Mən Milli Məclisin rəhbərliyinə və qanunların hazırlanması ilə məşğul olan komitənin rəhbərinə dərin təşəkkürümü bildirmək istərdim ki, o təkliflərin bir neçəsi qanunun son variantında öz əksini tapıb.
Bu qanunda ən çox müzakirə olunan məsələlərdən biri sulu qəlyandan istifadənin məhdudlaşdırılmasıdır. Bu barədə çox geniş müzakirələr oldu. Hesab edirəm ki, sulu qəlyanın da bu qəbildən olan qadağaların siyahısına salınması çox düzgün qərardır. Bizim opponentlərimiz deyirlər ki, sulu qəlyanda tütün məmulatı yoxdur. Ancaq sulu qəlyanda istifadə olunan komponentlərdən əmələ gələn kanserogen maddənin miqdarı heç də tütün yandıqdan sonra alınan kanserogendən əskik deyil. Xüsusilə dadlandırıcı  aromatik maddələrin ora əlavə olunması və  termik təsirdən sonra  əmələ gələn maddələr orqanizm üçün son dərəcə  təhlükəlidir.  Sulu qəlyanın da bu qanuna  daxil edilməsi çox düzgün fikirdir. Həm də nəzərə almalıyıq ki, sulu qəlyandan istifadə insanlar üçün son dərəcə təhlükəli olan yoluxucu  xəstəliklərin yayılması üçün ciddi mənbədir. Bəziləri deyirlər ki, ucluq dəyişdirilir. Söhbət ucluqdan getmir, söhbət bütövlükdə o borudan gedir. O borudan bir çox yoluxucu xəstəliklərə yoluxma şansı çox böyükdür. Ona görə mən bunu  çox alqışlayıram. Qanun çox mükəmməl hazırlanıb və  bütövlükdə ölkəmizdə əhalinin sağlamlığının qorunması istiqamətində atılmış mühüm bir addım olacaq. Mən bu qanunun qəbul olunmasının lehinə səs verəcəyəm və deputat həmkarlarımı da bu qanunun lehinə səs verməyə səsləyirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də bu qanun layihəsinə səs verəcəyəm və bunu dəstəkləyirəm. Cənab Sədr, düzgün olaraq qeyd etdiniz ki, bu, üçüncü oxunuşdur, yenidən müzakirəyə ehtiyac yoxdur. Amma çox hörmətli Hadi müəllim elə təqdim elədi ki, mən dedim, yəqin, birinci oxunuşu təzədən başlayırıq. Ona görə yazıldım ki, təzədən çıxış edim, öz təklif və rəyimi bildirim, yaddan çıxan şeylər əlavə olunsun. Bu səbəbdən üçüncü oxunuşun xarakterinə uyğun gəlmədiyinə görə bizi üzürlü hesab eləyin, ancaq gərək bu məsələ ilə əlaqədar öz təkliflərimizi bildirək.
Oqtay müəllim, Əhliman müəllim bu məsələ haqqında ətraflı qeyd elədi, mən də bir neçə detala toxunmaq istəyirəm. Burada qeyd etdim ki, səs verib qəbul eləməyin mən də tərəfdarıyam. Amma tam öz həllini tapmayan məsələlər çoxdur. Birinci məsələ ondan ibarətdir ki, burada hələ indiyə qədər müəyyən olunmayıb ki, tütün məmulatından qapalı yerlərdə hansı şəkildə istifadə olunmalıdır, açıq yerlərdə hansı şəkildə. “Açıq yer” anlayışı çox geniş anlayışdır. Hörmətli Azər müəllim  qeyd elədi  ki, Rusiyada biri digərini məhkəməyə verib. Aşağıda balkonda biri siqaret çəkib, yuxarıdakı qonşu şikayət edib ki, onun tüstüsü məni narahat edir. Bu da açıq yerdə siqaretdən istifadə edib. Ancaq “açıq yer” anlayışı o demək deyil ki, hara açıqdır, siqareti götür, orada siqaret çəkməyə başla. Avtobus dayanacaqları da açıq yerlərdir. Hər hansı bir uşaq bağçasının yanı da, hər hansı bir məktəbin yaxınlığı da açıq yerdir. Bir tərəfdən biz bunu qadağan edirik, digər tərəfdən qanunun  başqa hissəsinə istinad edərək deyirik ki, açıq yerdir, mən bundan istifadə edirəm. Bakının küçələrinə, gəzməli yerlərinə çıxsaq, görərik ki, əgər içəridə qadağan olunubsa, restoranın qabağında stolları düzüblər, orada oturub siqaretdən də, sulu qəlyandan da istifadə edirlər. Açıq yerdir, istifadə edə bilər. Amma onun yanından keçən vətəndaşımıza hansı təsiri göstərir? Oradan məktəbli də keçir, azyaşlı da keçir, qadın da keçir, ağsaqqal da keçir. Bu o demək deyil ki, açıq yerdir, bundan istifadə etməlidir.
Dünyanın müəyyən yerlərində açıq yerlər üçün də müxtəlif kameralar hazırlanır. Aeroportlarda var, başqa-başqa yerlərdə var, bəzi restoranlar da artıq müəyyənləşdirirlər ki, restoranın  açıq olan hansı hissəsində siqaretdən istifadə etmək olar. Dörd tərəfi açıqdır,  hərə bir tərəfində dursun, başlasın siqaret çəkməyə. Mən hesab edirəm ki, bu yerində olan məsələ deyil.
Digər bir tərəfdən müəyyən məsələləri də biz nəzərə almalıyıq. Bir tərəfdən kənd təsərrüfatı ilə əlaqədar tütünçülüyün inkişafı ilə bağlı biz qərarlar qəbul edirik. Başqa bir tərəfdən isə tütün məhsullarının istifadəsi ilə bağlı məhdudiyyətlər qoyuruq. Təbii ki, vətəndaşımız bizim üçün əzizdir, vətəndaşımızın sağlamlığını qorumaq bizim üçün vacibdir. Bu birinci şərtdir. Hər şey vətəndaş üçündür. Amma bunu da elə tənzimləməliyik ki, gələcəkdə bizim büdcəmizə ziyan vurmasın.
Son illər, bilirsiniz ki, Azərbaycana turist axını başlayıb, hər bir turist gələndə öz mədəniyyətini gətirir. Azərbaycana hazırda ərəblərin axını çox böyükdür. Biz bunu alqışlayırıq, gəlsinlər, turizm üçün hər şərait var və sair. Lakin kimsə öz restoranında oturmaqdan ötrü onların istək və arzusunu bizim qanunlardan üstün tutursa, bu  yolverilməzdir. Əgər kimsə bir ərəbin  hansısa istək və arzusunu bizim qanunlardan üstün tutub həyata keçirmək istəyirsə,  restoranında ona yaşıl işıq yandırırsa, biz buna razı ola bilmərik. Burada qanunlarımızın düzgün tətbiqinə nail olmalıyıq. Əgər kimsə sulu qəlyandan və digər ləvazimatlardan istifadə etmək istəyirsə, bunun üçün müəyyən yerlər ayrılmalıdır, o yerlərdə nə qədər istəyir istifadə eləsin. Biz azad ölkəyik, dünyəvi dövlətik, bu baxımdan da bu istiqamətdə işlərimizi davam etdirəcəyik. Ona görə də hər bir işdə qanunun aliliyi təmin olunmalıdır. Təşəkkür edirəm.
Sədrlik edən. Mən də sənə təşəkkür edirəm. Sən, yəqin, bir az çox vaxt keçib, iki oxunuşu yaddan çıxartmısan. İndi, xahiş edirəm, ikinci oxunuşdan sonra olan dəyişikliklərə baxın, sizin dediyiniz məsələlərin hamısı qanunda öz yerini tapıb. Bu bir, ikinci, deyirsən ki, biz bir tərəfdən  tütünü məhdudlaşdırırıq, digər tərəfdən isə artırırıq. Qanunun adı nədir? Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında qanun layihəsi. Bu suala hamımızdan qabaq cənab Prezident cavab vermişdi. Balakəndə bu sual qalxdı, cənab Prezident də dedi ki, biz tütünü  ixrac eləməkdən ötrü artırırıq, çünki gəlir gətirir,  amma özümüz üçün bunu məhdudlaşdırırıq. Fazil Mustafa.
F.Mustafa. Təşəkkür edirəm, Oqtay müəllim. Mən, əslində, suala yazılmışdım. Sadəcə, işarə alınmadı,  çıxış üçün düyməni basdım. İki sual məni maraqlandırır.  Üçüncü oxunuşdur,  bu qanuna səs verəcəyik. Amma ən azı, qanunda olan və bizi razı  salmayan müddəaları dəqiqləşdirək, sonra səs verək, bu baxımdan  vacib saydım. Əhəmiyyətli qanundur, bəlkə də Milli Məclis tarixində ən dəyərli qanunlarımızdan biridir. Bunu birmənalı şəkildə dəstəkləyəcəyik. Çünki bu qanun həm də narkomaniyaya qarşı olan bir qanunun başlanğıcıdır. Ona qarşı mübarizənin əsas parametrlərindən biridir. Bu səbəbdən çox vacib və gözlənilən bir addımdır. Ona görə Sizə təşəkkür edirəm, eyni zamanda, bu qanunun hazırlanmasında zəhməti olan Hadi müəllimə, Musa müəllimə, Adil müəllimə, Əhliman müəllimə və digərlərinə də təşəkkür edirəm ki, Azərbaycanın həyatına ən əhəmiyyətli bir hadisə kimi daxil olan bu gözəl qanunu qəbul eləməyə bizə imkan verdilər.
Burada məni iki məsələ maraqlandırır, Oqtay müəllim, xahiş edirəm, mənə bir aydınlıq gətirsinlər. Birinci, burada idman meydançalarında siqaretin çəkilməsi verilib. Bizdə son vaxtlar çox gözəl parklar salınıb. Olimpiya stadionunun ətrafında, bulvarda, başqa yerlərdə vətəndaşlar üçün açıq havada idman kompleksləri quraşdırılıb, həmin komplekslərdə görürsən ki, insanlar siqaret çəkirlər. Qanunda bunlar nəzərdə tutulmayıb. Bunu da nəzərdə tutmaq lazımdır ki, burada insanlar siqaret çəkirlər. Hətta kiçik idman çevrələri olan yerlərdə adam gəlir idman eləməyə, kimsə oturub siqaret çəkir. Heç olmasa, qanunda idman üçün ayrılan yerlərdə siqaret çəkilməsinə  yol verilməsin. Buna istərdim diqqət yetirilsin.
İkincisi, ən vacib məsələlərdən biri budur ki, türk filmlərinə baxırıq,  artıq köhnə filmlərdə, 1960–1970-ci illərin istehsalı olan filmlərdə siqaretin görünməməsi üçün bir formada dəyişiklik ediblər. Bizim  qanunda bu aydınlaşdırılmalıdır. Bu, ən vacib məsələdir, başa düşürəm, çoxlu pul tələb edir, hər bir filmdə ayrı-ayrılıqda bu proseduru həyata keçirmək çətindir. Azərbaycan filmlərində, məsələn, Zaur siqareti yandırır, Təhminə dalınca birini yandırır, o biri filmlərdə də hər kəs götürüb bir siqaret çəkir. Bunu ənənəvi şəkildə aradan qaldırmaq lazımdır. Əgər bunu Türkiyə elədisə, başqa ölkələr elədisə, biz  niyə eləməyək? Bu baxımdan, xahiş edirəm, Oqtay müəllim, bu iki məsələyə aydınlıq gətirilsin, heç olmasa, deyilsin ki, bu, gələcəkdə nəzərdə tutula bilər. Diqqətinizə görə sağ olun.      
Sədrlik edən. Sağ olun. Elə birinci suala cavab verim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hadi müəllim, özüm cavab verəcəyəm. Biz istəyirik ki, istənilən bir qanunda hamını vurub qabağa keçək. Birdən-birə hər şeyi bağlayaq. Ən inkişaf eləmiş Amerikada da tütünlə mübarizə aparanda parklarda da, küçələrdə də siqaret çəkirdilər. Bunlar hamısı yavaş-yavaş həll olundu. Biz bu qanunu qəbul edirik, amma bir şey də var. Biz siqaret çəkənlərin də hüquqlarını qorumalıyıq axı. Onlara da şərait yaradılmalıdır. Bu məsələ tədricən getməlidir. Birdən-birə hər şeyi qanuna salıb,  istənilən şeyi edə bilərik, amma dünyanın heç yerində tam kəskin qanun yoxdur. Tədricən həll olunub. Misal üçün, Milli Məclisin deputatlarından da siqaret çəkənlər var. Əvvəldən onları fikirləşmişdik, onlar üçün üstü açılan, ventilyasiyası olan yer ayırmışdıq. Milli Məclisin özündə də fikirləşmişik. Bir çox təşkilatlar da bunun üzərində işləyəcək. Bu iş tədricən getməlidir, tədricən azalmalıdır. Birdən-birə biz hər şeyi bağlaya bilmərik, əmrlə bağlamaq olsaydı, çoxdan yox eləyərdilər.
İkinci bir məsələ isə, kinolarda siz çox vaxt görürsünüz, reklam verirlər ki, tütün zərərlidir. Öz filmlərimizə yaza bilərik,  orada var. Qane oldun?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, qanun layihəsinə üçüncü oxunuşda münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.33 dəq.)
Lehinə 107
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Doğrudan, tarixi bir qanundur, hamınızı təbrik edirəm, gözəl bir qanun layihəsi işlənildi, hazır oldu və Milli Məclis tərəfindən qəbul edildi.
Gündəliyin növbəti üçüncü məsələsi “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlığa dair yol xəritəsi haqqında” Birgə Bəyannamənin təsdiq edilməsi barədədir. Buyurun, Ziyad Səmədzadə. 
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında strateji tərəfdaşlıq və iqtisadi əməkdaşlıq barədə bəyannamə 2017-ci il iyunun 27-də Varşava şəhərində imzalanmışdır. Məlumat üçün bildirmək istərdim ki, ölkələrimiz arasındakı strateji tərəfdaşlıq münasibətlərinin böyük tarixi vardır. 1997, 1999, 2007, 2008 və 2009-cu illərdə iki ölkə prezidentinin yüksək səviyyəli görüşləri olmuş, strateji və iqtisadi əməkdaşlığın inkişafına yönəlmiş bəyannamə, müqavilə və sazişlər imzalanmışdır. Hazırkı  bəyannamə gələcək strateji əməkdaşlığın bütün istiqamətlərini – siyasət, iqtisadiyyat, ticarət, mübadilə, təhlükəsizlik, elm, təhsil və mədəniyyət sahələrini əhatə edən mühüm sənəddir. Birgə bəyannamə ikitərəfli və çoxtərəfli formatda əməkdaşlığın gücləndirilməsinə yönəlmişdir.
Mühüm məsələlərdən biri də bəyannamədə Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında sülh yolu ilə həllinin vurğulanmasıdır. Birgə bəyannamə ikitərəfli əməkdaşlığın bütün aspektlərini əks etdirərək ölkələrimiz arasında əməkdaşlığın güclənməsinə töhfə verəcəkdir. Ona görə də millət vəkillərindən qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.36 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Dördüncü məsələ 2005-ci il martın 30-da Varşava şəhərində Azərbaycan Respublikası Hökuməti və Polşa Respublikası Hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında imzalanmış Sazişdə dəyişikliklər edilməsi barədədir. Buyurun, Ziyafət Əsgərov.    
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə təqdim olunmuş sazişə əlavə olaraq 2017-ci il iyun ayının 27-də  protokol imzalanıb. Həmin protokolla bu sazişin iki maddəsində – 7-ci və 9-cu maddəsində dəyişiklik edilib. Mahiyyət nədən ibarətdir? Mahiyyət ondan ibarətdir ki, tərəflər arasında mübadilə ediləcək məxfi məlumatın mühafizəsi məsələsi gələcəkdə ayrıca sazişin predmeti olacaq. Yəni bu, ayrıca sazişlə tənzimlənəcək. Amma hələlik yeni saziş imzalanana qədər bu məsələlər mövcud sazişlə nizamlanacaq.
9-cu maddədə isə bu məsələlərin koordinasiyasına və icrasına nəzarət üçün hər iki dövlətdə səlahiyyəti olan müvafiq dövlət orqanları göstərilir. Azərbaycan tərəfdən bu, Müdafiə Nazirliyi və Müdafiə Sənayesi Nazirliyidir. Polşa tərəfdən isə iqtisadi məsələlər üzrə səlahiyyətli nazirlə əməkdaşlıq etməklə milli müdafiə naziridir. 2017-ci il iyun ayının 27-də qəbul edilmiş protokolun, yəni 2005-ci il martın 30-da qəbul edilmiş Sazişə əlavə olaraq qəbul edilmiş protokolun mahiyyəti bundan ibarətdir və mən sizi bu layihəni dəstəkləməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.38 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Beşinci məsələ “Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında  kütləvi qırğın silahlarının  yayılmasının qarşısının alınması və müdafiə sahəsində tədbirlər haqqında Saziş”in növbəti yeddi il müddətinə uzadılması barədədir. Buyurun,  Ziyafət  Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, cənab Sədr. Bu saziş, hörmətli deputatlar, 1999-cu il dekabr ayının 28-də Amerika Birləşmiş Ştatları Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında imzalanıb. Amerika Birləşmiş Ştatları Hökuməti təklif edir ki,  bu sazişin müddəti yenidən 7 il,  yəni 2024-cü ilə qədər uzadılsın. Bununla əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı Səfirliyi ilə notalar mübadiləsi aparılıb. Notalar mübadiləsi 2017-ci il avqustun 15-də və sentyabrın 20-də aparılıb. Hər iki tərəf bu sazişin yenidən 7 il müddətinə uzadılmasına razıdır. Hesab edirəm ki, kütləvi qırğın silahlarının yayılması və müdafiə sahəsində Amerika Birləşmiş Ştatları ilə əməkdaşlıq Azərbaycan üçün çox önəmli bir məsələdir. Bizim dövlət mənafelərimizə, milli mənafelərimizə uyğun gəlir. Buna görə də sizi bu sazişə səs verməyə dəvət edirəm. Sağ olun. 
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti altıncı məsələ “Mərkəzi Asiya Regional İqtisadi İnstitutunun təsis edilməsi haqqında” Sazişin təsdiq edilməsidir. Buyurun, Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlumdur ki, ölkəmiz çoxtərəfli əməkdaşlıq müqavilələrinin iştirakçısıdır. Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq İnstitutunun təsis edilməsi haqqında Sazişə keçməzdən əvvəl bu institutun yaranmasına zəmin yaradan Asiya İnkişaf Bankı tərəfindən 2001-ci ildə təsis edilmiş Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı barədə bir neçə kəlmə qeyd etmək istərdim.
Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı 11 ölkəni – Əfqanıstan, Azərbaycan, Çin, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Monqolustan, Pakistan, Tacikistan, Türkmənistan və Özbəkistanı, altı çoxtərəfli maliyyə institutunu, Asiya İnkişaf Bankını, Avropa Yenidənqurma və İnkişaf Bankını, Beynəlxalq Valyuta Fondunu, BMT-nin İnkişaf Proqramını və Dünya Bankını özündə birləşdirir. Proqramın əsas məqsədi əməkdaşlıq vasitəsilə sürətli iqtisadi inkişafa və yoxsulluğun azaldılmasına nail olmaqdır. Proqramın əsas prioritet istiqamətləri nəqliyyat, ticarət və energetika sahələridir. Məhz bu əməkdaşlıq institutunun təsis edilməsində məqsəd qarşıda duran məsələlərin həyata keçirilməsinə elmi-nəzəri cəhətdən dəstək olmaqdır. Əməkdaşlıq institutu güzəştli rejim və imtiyazlarla təmin edilmiş, hökumətlərarası təşkilat statusuna malik olub, əsas məqsədi bu regionda iqtisadi artımın sürətləndirilməsi hədəfinə nail olmaq məqsədi ilə səmərəli regional əməkdaşlığa töhfə verməkdir. Əməkdaşlıq institutuna üzvlük, funksiyalar, fəaliyyət prinsipləri, idarəçilik, struktur, qərarların qəbulu qaydası, yerləşmə, güzəştli rejim, imtiyazlar və sair məsələlər sazişdə ətraflı tənzimlənmişdir. Sazişin Azərbaycan üçün də vacib əhəmiyyətini nəzərə alaraq millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.43 dəq.)
Lehinə 109
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 110
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Yeddinci məsələ “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə qoşulmaq haqqında qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. “Asiya və Sakit Okean Regionunda Transsərhəd Kağızsız Ticarətin Sadələşdirilməsi üzrə Çərçivə Sazişi”nə Azərbaycanın  qoşulması, heç şübhəsiz ki, ölkələrimiz arasında informasiya texnologiyalarının inkişafını və digər müsbət münasibətlərin də təkmilləşdirilməsini təmin edəcəkdir. Saziş bir neçə maddədən ibarətdir, millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.44 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti səkkizinci məsələ Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında diplomatik pasportlara malik olan vətəndaşların viza tələbindən azad olunması haqqındadır. Buyursun Səməd Seyidov.
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, bu tipli qanun layihələrini biz parlamentdə son zamanlar tez-tez qəbul edirik. Bu ona dəlalət edir ki, Azərbaycanın beynəlxalq əlaqələri  genişlənir. Bu gün çox sevindirici haldır ki, dünyanın aparıcı ölkələrindən biri olan Yaponiya ilə diplomatik pasportlarla əlaqədar problemləri biz artıq aradan qaldırmış oluruq. Bu, ilk mərhələdə Yaponiya–Azərbaycan münasibətlərinə çox müsbət təsir göstərəcək. Təbii, biz komitəmizdə buna müsbət rəy vermişik və əlaqələrin genişləndirilməsi istiqamətində qəbul olunacaq bu sənəd də öz işini görməlidir. Ona görə millət vəkillərindən buna müsbət rəy vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.46 dəq.)
Lehinə 108
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 109
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti doqquzuncu məsələ də bu qəbildən olan məsələdir. “Azərbaycan Respublikası Hökuməti ilə Boliviya Çoxmillətli Dövlətinin Hökuməti arasında diplomatik və rəsmi/xidməti pasportlara malik şəxslərin viza tələbindən azad edilməsi haqqında” Sazişin təsdiq edilməsi. Buyurun, Səməd müəllim.
S.Seyidov. Çox sağ olun, Oqtay müəllim. Özünüz görürsünüz ki,  bu qanun layihəsi də indi qəbul etdiyimiz qanun layihəsi ilə eyni istiqamətdə olan sənəddir. Ancaq fərq ondan ibarətdir ki, coğrafiyası müxtəlifdir. Bu coğrafiya, doğrudan da, Azərbaycanın dünyanın bütün ölkələri ilə müxtəlif istiqamətlərdə əlaqələrinin nə dərəcədə geniş olduğunu göstərir. Yaponiya Uzaq Şərqdə, bu isə Latın Amerikasında yerləşir. Ona görə, təbii, biz bunun tərəfdarıyıq və həmkarlarımdan bunun ratifikasiya olunmasına səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.47 dəq.)
Lehinə 106
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti onuncu məsələ  “Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında” Birgə Bəyannamənin təsdiq edilməsidir. Buyursun Səməd Seyidov.
S.Seyidov. Minnətdaram. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlar! Bu qanun layihəsini təqdim etməmişdən əvvəl özümə borc bilirəm ki, bir məsələni qeyd edim. Biz Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Brüsseldə iştirak etdiyi sammitdə göstərdiyi mövqeyi, Azərbaycanın maraqlarını müdafiə etməsi ilə bağlı gördüyü bütün işləri birmənalı dəstəkləyirik. Ona görə ki, məhz cənab Prezidentin fəaliyyəti nəticəsində Azərbaycanın maraqları bu yekun sammitdə  birbaşa öz əksini tapmışdır. Siz bilirsiniz ki, sammitin yekun bəyanatında dövlətlərin ərazi bütövlüyü xüsusi qeyd olunmuşdur. Baxmayaraq ki, müxtəlif cəhdlər gündəmə gətirildi, müxtəlif məsələlər oldu, ancaq bu məsələ konkret olaraq sənədin içərisində öz əksini tapdı. Bilirik ki, Azərbaycan Avropa Birliyi ilə münasibətlərini yüksək səviyyədə təşkil edir və biz indiyə kimi 10-a yaxın ölkə ilə strateji tərəfdaşlıqla bağlı sənədləri qəbul etmişik.
2007-ci ildən başlayaraq Rumıniya, Xorvatiya, İtaliya, Bolqarıstan və Polşa ilə münasibətləri ikitərəfli strateji əməkdaşlıq səviyyəsinə yüksəltmişik. Siz bilirsiniz ki, bu ölkələr Avropa Birliyinə daxil olan ölkələrdir. O cümlədən bu gün sizin diqqətinizə təqdim olunan  Azərbaycan–Latviya münasibətləri ilə bağlı sənəd də çox vacib və əhəmiyyətlidir. Sənədin içərisində iqtisadi əməkdaşlıq, energetika və sərmayə, təhlükəsizlik sahəsində əməkdaşlıq, çoxtərəfli beynəlxalq əməkdaşlıq, beynəlxalq təşkilatlarla elm, təhsil, mədəniyyət sahəsində əlaqələr və təbii, Azərbaycanın ən vacib, ən əhəmiyyətli məsələsi olan  ərazi bütövlüyünün dəstəklənməsi var. Demək olar ki, bu sənədin  qəbul olunması ilə  biz Avropa Birliyinə daxil olan ölkələrlə əlaqələrimizi, münasibətlərimizi daha yüksək mərhələyə qaldırırıq. Ona görə sizdən xahiş edirəm, Azərbaycan Respublikası ilə Latviya Respublikası arasında strateji tərəfdaşlığın yaradılması haqqında sənədə müsbət münasibət bildirəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.51 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, mən neçənci dəfədir demək istəyirəm, demirəm, irad tutmaq istəmirəm. Hamınızdan xahiş edirəm, əgər telefon götürürsünüzsə, heç olmasa, burada söndürün, ya da səsini azaldın. Olmaz axı belə. Hər dəqiqədən bir zəng səsi gəlir. Xahiş edirəm, bir-birimizə hörmət edək.
Növbəti on birinci məsələ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi Vergi Məcəlləsinin 102-ci maddəsini əhatə edir. Söhbət Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin və onların aparat işçilərinin xarici ölkədə aldıqları əmək haqqının gəlir vergisindən azad olunmasından gedir. Yəni bilirsiniz ki, cənab Prezidentin sərəncamı ilə bir sıra ölkələrlə əməkdaşlığın daha da gücləndirilməsi məqsədi ilə həmin ölkələrdə ticarət nümayəndələri yaradılır, səfirlik və konsulluqlarda müvafiq işçilər artırılır. Bu işçilərin də xarici ölkədə aldıqları əmək haqları gəlir vergisindən azad olunacaq. Ona görə millət vəkillərindən xahiş edərdim ki, bu məsələyə də müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.53 dəq.)
Lehinə 108
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti on ikinci məsələ “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə. Hörmətli millət vəkilləri, “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsi 2017-ci ildə qəbul edilmiş “Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Qanunun tətbiqi ilə əlaqədar olaraq hazırlanmışdır. Qanun layihəsinə əsasən dövlət zəmanəti üzrə borc öhdəliklərinin Təminat Fondunun formalaşdırılması mənbələrinin siyahısına yeni maliyyə mənbəyi daxil edilir. Bu vəsait Azərbaycan Respublikasının Mərkəzi Bankının reallaşdırılmış mənfəətinin Təminat Fonduna köçürülən sərbəst qalığından ibarət olacaqdır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə də müsbət münasibət bildirmələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 107
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 108
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti on üçüncü məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında  qanun layihəsi barədədir. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlar, 13, 14, 15-ci məsələlər bir paketlə daxil olub, bizim komitə və Mədəniyyət komitəsi ilə birlikdə müzakirə olunmuşdur. Bizim komitəyə aid olan məsələ İnzibati Xətalar Məcəlləsində edilən dəyişikliklərdir, bunların mahiyyəti “Kütləvi informasiya vasitələri haqqında” Qanunun və “Telekommunikasiya haqqında” Qanunun tələblərindən irəli gəlir. Belə ki, müvafiq qanunlar internet telekommunikasiya xidməti göstərən operatorlar və provayderlər tərəfindən uçota durma qaydalarını pozmağa görə məsuliyyəti özündə nəzərdə tutur və məhz buna görə də İnzibati Xətalar Məcəlləsinə 370-1-ci maddə əlavə olunur. Maddənin bəndlərinə uyğun olaraq cərimə sanksiyaları da nəzərdə tutulmuşdur. Həmçinin müvafiq qüvvədə olan qanunvericilik internet informasiya ehtiyatında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmamasına görə məsuliyyətin qanunvericilikdə əks olunmasını tövsiyə edib. Belə bir müddəa var və məhz buna görə də müvafiq olaraq İnzibati Xətalar Məcəlləsinə 388-1-ci maddə təklif olunur. Yəni bu, uyğunlaşdırma  xarakteri daşıyır. Amma yeni norma yaradıcılığı sanksiyaların tətbiq olunmasından ibarətdir. Hörmətli həmkarlardan səs vermələrini xahiş edirəm.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Ziyafət müəllim, dəyərli həmkarlar, əziz media nümayəndələri! Müsbət haldır ki, indi müzakirə etdiyimiz layihələr internet məkanımızın tənzimlənməsi ilə bağlıdır. Söhbət məsuliyyət kateqoriyalarının konkretləşdirilməsindən gedir. Buna görə də düşünürəm ki, istər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində, istərsə də “Kütləvi informasiya vasitələri haqqında” Qanunda dəyişikliklər olduqca əhəmiyyətlidir. Hər iki sənədə təklif edilən dəyişikliklər “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”, o cümlədən “Telekommunikasiya haqqında” qanunların tətbiqi ilə əlaqədardır. Mən xüsusən “Kütləvi informasiya vasitələri haqqında” Qanunun 19-1-ci maddəsinin əlavə edilməsini yüksək dəyərləndirirəm. Bildiyimiz kimi, maddə yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmasını nəzərdə tutur. Burada müxtəlif aspektlərdən danışmaq mümkündür. Əsasən, bir məqam üzərində dayanmaq istəyirəm. Əlbəttə, yayılması qanunla qadağan edilən informasiyanı yayan saytlara giriş məhdudlaşdırılmalıdır. Ancaq məncə, məhdudlaşdırılma fəaliyyəti tamamilə dayandırmaq şəklində anlaşılmamalıdır. Yəni elə başa düşülməlidir ki, hansısa sayta giriş məhdudlaşdırılırsa, bununla onun fəaliyyəti dayandırılmır.
Hesab edirəm ki, qanunda müddət məsələsi də öz əksini tapmalıdır. Məsələn, bu, 3 ay da ola bilər, 6 ay da, 1 il də və daha çox da ola bilər.  Müddətlər törədilmiş əmələ adekvat seçilməlidir. Dünyada da belə bir təcrübədən istifadə olunur. Məsələn, Böyük Britaniyada media sahəsindəki şikayətləri araşdıran komissiya var, həmin komissiya ayrı-ayrı internet informasiya ehtiyatının fəaliyyətinin məhdudlaşdırılmasına dair müxtəlif rəylər çıxarır. Konkret olaraq müddət müəyyənləşdirilsə, belə prosedur, eyni zamanda, tərbiyəvi əhəmiyyət daşıyar. Hesab edirəm ki, biz də qanunun prinsipial əhəmiyyət daşıyan humanist mahiyyətinə söykənərək bunu tətbiq etsək, yaxşı olar. Mənim deyəcəklərim bu qədər,  düzəlişlərə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də istərdim ki, qanun layihəsinə təklif olunan variantla bağlı öz münasibətimi bildirim. Münasibətim isə bundan ibarətdir ki, təklif olunan redaksiya çox düzgündür və sadəcə olaraq, bəzi fikirlərimi bildirmək istərdim. Məlumdur ki, burada, qanunun 10-cu maddəsində çox gözəl və düzgün şəkildə yazılır: “Şayiələr, yalan və qərəzli yazılar yolverilməz hesab olunur”. Bu “yolverilməz” sözü, – düzdür, indi bu qanun layihəsi müzakirə olunmur, mən qəbul edirəm, – sadəcə olaraq, növbəti vaxtlarda bu qanun layihəsi müzakirə olunanda və yaxud da ona dəyişikliklər təklif olunanda bir az ciddiləşdirilməlidir. Çünki qanunun 10-cu maddəsi, mən elə başa düşürəm ki, bütün kütləvi informasiya vasitələri üçün önəmli bir maddədir.
Milli Məclisdə biz qanunlar qəbul edərkən aparıcı kütləvi informasiya vasitələri, xüsusilə Azərbaycan Dövlət Televiziyası başda olmaqla televiziyalarımız qanunların vacibliyini və cəmiyyət üçün marağını nəzərə alaraq dəyirmi masalar keçirir, müzakirələr aparırlar, bu da öz effektini verir. Mən hesab edirəm ki, həmin bu qanun layihəsini cəmiyyət üçün və xüsusilə böhtan yayan jurnalistlərin qarşısının alınması üçün çox mühüm hesab etmək olar. Çünki bu kimi şayiələrin yayılması cəmiyyətdə bəzən çox adlı-sanlı jurnalistlərimizin, dövlət qarşısında və dövlətçilik naminə xidməti olan jurnalistlərimizin də fəaliyyətinə bəzən kölgə salır. Çünki jurnalistlərimizin qeyd etdiyim kimi, xidmətləri böyükdür. O jurnalistlərin ən ləyaqətli nümayəndələri parlamentimizdə də oturublar. Ona görə hesab edirəm ki, bu maddə bütün kütləvi informasiya vasitələrinin  birinci səhifəsində məcburi qaydada çap olunmalıdır. Onlar da başa düşməlidirlər ki, qanunun bu maddəsini qətiyyən pozmaq olmaz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun.  Xahiş edirəm, on üçüncü məsələyə, İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti iki məsələ də cənab Prezidentin bir məktubu ilə daxil olub, “Kütləvi informasiya vasitələri haqqında” və “Telekommunikasiya haqqında” qanunlara dəyişikliklər edilməsi barədədir. Komitə sədri Rafael Hüseynov, buyurun. 
R.Hüseynov, Milli Məclisin Mədəniyyət komitəsinin sədri.
Hörmətli millət vəkilləri, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər edilməsi ilə bağlı təqdim edilən qanun layihəsi Azərbaycan Respublikasının qanunlar şəbəkəsində uzlaşmanı təmin etmək məqsədi daşıyır. “Kütləvi informasiya vasitələri haqqında” Qanunun  3-cü maddəsinə, Əsas anlayışlara  dəyişiklik edilir və buraya “informasiya ehtiyatı” sözləri əlavə olunur. Çünki 2017-ci il mart ayının 10-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Orada “Əsas anlayışlar” bölməsində və  qanunun içərisində informasiya ehtiyatları geniş şərh edilərək, təqdim olunub. İnformasiya ehtiyatları  deyərkən informasiya sistemlərində, kitabxanalarda, arxivlərdə, məlumat banklarında olan sənədlər və sənəd massivləri nəzərdə tutulur. Artıq mövcud olan qanunda bu anlayış əksini tapdığına görə, “Kütləvi informasiya vasitələri haqqında” Qanuna da əlavə edilir.
Eyni zamanda, digər bir əlavə nəzərdə tutulur. 5-ci maddədə, “Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” maddəsində dəyişiklik edilməsi nəzərdə tutulmuşdur. Çünki indiyə qədər bu sahə ilə bağlı fəaliyyətdə olan 5 qanun mövcud idi. Lakin 2017-ci il martın 10-da “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanun   qəbul edildikdən sonra bu sıraya onun da adının əlavə edilməsi zəruriyyəti ortaya çıxmışdı. Ona görə də həmin qanunun adı bu maddəyə əlavə edilir.
Fikrimi yekunlaşdıraraq  qeyd etmək istəyirəm ki, daha bir maddə, 10-cu maddə də var. “Kütləvi informasiya azadlığından sui-istifadənin yolverilməzliyi” maddəsi  də artıq “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında”  fəaliyyətdə olan Qanuna uyğun olaraq genişləndirilir. Oraya “Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunan sirləri” sözlərindən sonra “habelə yayılması qadağan edilən digər informasiyanı” sözləri də əlavə edilir. Yəni artıq mövcud olan qanundakı müəyyən anlayışları və fikirləri biz bu qanuna da köçürürük. Uyğunlaşdırma səciyyəsi daşıyır. Ona görə də mən həmkarlarımızdan bu dəyişikliklərə səs vermələrini rica edirəm.
Sədrlik edən. Sağ olun. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.06 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə. Buyurun, Rafael müəllim. 
R.Hüseynov. “Telekommunikasiya haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər yenə “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun qəbul edilməsi ilə bağlı uzlaşmanın zəruriliyini təmin edən dəyişikliklərdir. “Telekommunikasiya haqqında” Qanunun 1-ci maddəsində mövcud variantda, qlobal internet şəbəkəsində ölkəyə məxsus milli seqmenti əks etdirən  şərti işarə ümumi olaraq “ölkə  kodlu” ifadəsi ilə göstərilir. Lakin “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun qəbulundan sonra burada artıq konkretləşdirmə imkanı var. Ona görə də burada dəyişiklik edilərək 1.0.19-cu bənddə “ölkə kodlu” sözlərindən əvvəl “az” sözü əlavə edilir.
Eləcə də 7.1-ci və 7.10-cu maddələrdə həmin qaydada mövcud variantdakı “ölkə kodlu” ifadəsi dəyişdirilərək “az ölkə kodlu” ifadəsi kimi verilir. 7.10-cu maddədə isə  artıq dəyişikliklərdən sonra uzlaşmanı təmin etmək məqsədi ilə qanun layihəsindəki həmin maddə belə şəkil alır: “Az” ölkə kodlu yüksək səviyyəli domen adlarının qeydiyyatı və istifadəsi qaydaları, habelə domen adlarının reyestrinə daxil edilən məlumatlar müvafiq icra hakimiyyəti orqanı tərəfindən  müəyyən edilir.
Eləcə də, “Operatorların və provayderlərin vəzifələri” adlı 33-cü maddəyə 33.3-cü bənd əlavə edilir. Host provayder və internet provayderlər internet informasiya ehtiyatlarında yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinin qarşısının alınması üçün “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş tədbirləri həyata keçirməlidirlər. Yəni faktiki olaraq bu da qanunlar arasında uzlaşmanı, uyğunlaşdırmanı nəzərdə tutur. Ona görə də həmkarlarımızdan bu dəyişikliklərə səs vermələrini  xahiş edirəm.
Sədrlik edən.  Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli Məclis iştirakçıları, əlbəttə, təklif olunan dəyişikliklərə mən də səs verəcəyəm. Hesab edirəm ki, onlar əhəmiyyətlidir. Birbaşa qanunla bağlı olmasa da, Ziyafət müəllim, bu məsələ ilə əlaqəli bir məsələ var. Ona görə də sizin diqqətinizi, o cümlədən bizim müvafiq komitənin diqqətini bu məsələyə cəlb etmək istəyirəm. Bizim, doğrudan da, Azərbaycanın həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq üçün ingilis dilində bir kanala ehtiyacımız var. Necə ki, “Russia today” var, bilirsiniz, Qazaxıstanın,  Ukraynanın, Çinin, Yaponiyanın və sair əksər ölkələrin də ingilis dilində kanalları var.
Büdcənin müzakirəsi zamanı mən çıxışımda söylədim ki, 32 milyon vəsait  “AzTV”yə, 12 milyon da təqribən “İctimai” TV-yə ayırırıq. Amma bu televiziyaların digər özəl kanallardan heç bir üstünlüyü yoxdur. Olmaz ki, biz həmin vəsaitlə  elə o televiziyaların bazasında ingilis dilində xəbərlər proqramı olan bir kanal açaq. Biz həm də bu il büdcədən  dünyanın aparıcı xəbər telekanallarında turizmin təbliği üçün milyonlarla vəsait ayırdıq. Gələcəkdə o pulları xarici telekanallara ayırmarıq, elə öz telekanallarımıza verərik, söylədiyim kimi, Azərbaycanın həqiqətlərini də dünyaya özümüz yaya bilərik. Ona görə də hesab edirəm ki, bizim Milli Məclisin müvafiq komitəsi, müvafiq dövlət qurumları da bu barədə düşünsələr və müvafiq qərar qəbul etsələr, daha yaxşı olar. Doğrudan da, Prezidentin sərəncamlarını oxumağa görə AzTVni saxlayıb oraya 32 milyon manat xərcləməyin heç bir əhəmiyyəti yoxdur. O biri kanallar da böyük şərəflə Prezidentin səfərlərini  işıqlandırırlar, sərəncamlarını elan edirlər, yayırlar. Əvvəllər bilirsiniz ki, Prezidentin səfərlərində digər özəl kanalların müxbirləri də iştirak edirdilər. Düşünürəm ki, bu barədə düşünüb dövlət vəsaitindən daha səmərəli istifadə olunmalı və ölkənin maraqları, xüsusilə informasiya məsələləri daha ciddi qorunmalıdır. Diqqətinizə görə çox sağ olun.      
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun. 
Ə.Hüseynli. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Bu dəyişiklik teleradio yayımçısı tərəfindən reklam haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət maddəsində edilir.  İnzibati Xətalar Məcəlləsinin 428.4-1-ci maddəsinə əsasən həmin əməllərin törədilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Təklif olunan dəyişiklikdə həmin əməllərin teleradio yayımçısı tərəfindən törədildiyi zaman daha  artıq həcmdə məsuliyyət nəzərdə tutulur. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çıxış etmək istəyən yoxdursa, buyurun, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.13 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi barədə. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Təşəkkür edirəm. Hörmətli həmkarlar, Miqrasiya Məcəlləsinə edilən  dəyişiklik kiçik, amma əhəmiyyətlidir. Belə ki, dəyişikliyə əsasən əcnəbi və vətəndaşlığı olmayan şəxs qeydiyyata alındığı mənzilin sahibinə məxsus olan digər mənzildə müvəqqəti yaşayırsa, onda onun olduğu yer üzrə yenidən qeydiyyata alınmasına heç bir ehtiyac qalmır. Yəni belə bir bürokratik prosedura ehtiyac qalmır. Bu dəyişikliyin məqsədi əcnəbilərin qeydiyyat prosedurunun sadələşdirilməsidir. Bu da, təbii ki,  turizmin inkişafı ilə bağlıdır.  Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Buyurun, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Hörmətli deputatlar, mən bir məsələni sizinlə məsləhətləşmək istəyirəm. Tənəffüsə 50 dəqiqə qalıb, amma Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında bir müstəqil qanunumuz var. Əgər etiraz etməsəniz, biz o qanunu irəli çəkək, çünki müvafiq qurumlardan hörmətli qonaqlarımız da gəliblər. O biri məsələlər həcminə görə kiçikdir, vaxtımız qalsa, onları biz sonra müzakirə edərik. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təşəkkür edirəm, sağ olun. Onda biz Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun layihəsinin müzakirəsinə keçirik. İcazənizlə, mən bu barədə məlumat verim.  Qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin müvafiq qurumlarının nümayəndələri bu gün burada iştirak edirlər.  Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hüquq İdarəsinin rəisi Rauf Kişiyev, Azərbaycan Respublikası  Daxili İşlər Nazirliyi Daxili Qoşunları Komandanının müavini Vidadi Əliyev, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Aparatının rəhbəri general-mayor Elçin İbrahimov. Əgər suallarınız olsa, onlara da müraciət edə bilərsiniz.   
Hörmətli deputatlar, bildiyiniz kimi, hazırda qüvvədə olan “Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Qanun 1991-ci il oktyabr ayının 9-da qəbul olunub.  Bu qanun həcmcə kiçik bir qanundur. Sözsüz ki, o dövrün silahlı qüvvələrinin hüquqi statusunu tənzimləmək baxımından  lazımlı qanun idi. Amma bir şeyi nəzərə alaq ki, biz 1995-ci ildə müstəqil Azərbaycanın ilk Konstitusiyasını qəbul etdik. Azərbaycanın ilk Konstitusiyasından həm əvvəl, həm də sonra çoxlu sayda hərbi qanunvericilik aktları qəbul etmişik. Nəhayət, keçən il sentyabrın 26-da Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklərlə bağlı referendum keçirdik. Bu referendumda Azərbaycan Respublikasının Konstitusiyasında təsbit olunmuş 9-cu maddənin də mətnində dəyişiklik etdik. Söhbət nədən gedir? Yəni mən qanunun konsepsiyası ilə bağlı fikrimi sizə çatdırmaq istəyirəm. Çünki bu gün qanun layihəsinin birinci oxunuşudur. Bizim hazırda qüvvədə olan, yəni 1991-ci il 9 oktyabr tarixli qanunda, əslində, Silahlı Qüvvələrdən çox ordunun statusundan söhbət gedirdi. Siz fikir versəniz, görərsiniz ki, orada söhbət quru qoşunları, hava hücumundan müdafiə qoşunları və dəniz qoşunlarından gedir. Bizim Konstitusiyamızın 9-cu maddəsində göstərilir ki, Silahlı Qüvvələr ordu və digər silahlı birləşmələrdən ibarətdir. Biz Konstitusiyanın 9-cu maddəsində bu yeniliyi etdiyimizə görə, sözsüz ki, artıq qüvvədə olan qanunun konsepsiyası dəyişir və yeni qanunun meydana gəlməsinə ehtiyac yaranır.
Yeni qanun Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatı, əsas vəzifələri, idarə olunması və hərbi quruculuq məsələlərini nəzərdə tutur. Qanun layihəsi 5 fəsildən ibarətdir. Burada hərbi qulluqçuların vəzifələri, eyni zamanda, fəaliyyət prinsipləri, hərbi qulluqçuların statusu, onların sosial müdafiəsi məsələləri ayrı-ayrı fəsillərdə nəzərə alınıb. Eyni zamanda, bu qanun layihəsində ilk dəfə olaraq Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, ordunun və digər qoşun birləşmələrinin anlayışları verilir. Eyni zamanda, müvafiq olaraq həm ordunun, həm də  bütövlükdə Silahlı Qüvvələrin vəzifələri, təyinatı, məqsədi bu qanun layihəsində nəzərdə tutulub.
Bir məsələni də qeyd etməliyəm ki, bu qanun layihəsi işlənib hazırlanarkən Milli  Məclisin 2010-cu il 8 iyun tarixli qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının hərbi doktrinası və möhtərəm cənab Prezidentin fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının təhlükəsizlik konsepsiyasının  müddəaları əsas götürülüb. Əslində, bu normativ sənədlər bir məqsədə – Azərbaycan Respublikasının ərazi bütövlüyünün, onun suverenliyinin, təhlükəsizliyinin, vətəndaşların hüquq və azadlıqlarının qorunması məsələsinə xidmət edir. Bütövlükdə bizim silahlı qüvvələrimizin təyinatı bundan ibarətdir ki, Azərbaycanın ərazisinin, suverenliyinin və insanların hüquq və azadlıqlarının müdafiəsini təşkil etsin.
Hesab edirəm ki, bu, çərçivə qanunu olduğuna görə gələcəkdə, yəqin,  bizim digər qanunlarımız da olacaq. Bunu da qeyd etmək istəyirəm ki, qanun layihəsinin özündə də göstərilir, bu qanun qəbul edildikdən sonra Azərbaycan Respublikasının müvafiq icra orqanı, əlbəttə, ölkənin Prezidenti, Ali Baş Komandanımızın fərmanı ilə silahlı birləşmələrin siyahısı müəyyən olunacaq. Yəni biz digər silahlı birləşmələr deyəndə nəyi nəzərdə tuturuqsa, onlar hamısı fərmanda nəzərdə tutulacaq.  Amma bu gün biz sizinlə bu qanunun konsepsiyasını müəyyən edirik, yəni Azərbaycanın Silahlı Qüvvələri necə olmalıdır? Onun təyinatı məlumdur, aydın məsələdir. Amma ümumiyyətlə, onun fəaliyyət prinsiplərində, məqsədlərində bizim hörmətli deputatlarımız daha hansı məsələləri görmək istəyirlər? Ona görə bu məsələ sizin müzakirənizə çıxarılıb. Hesab edirəm ki, bu qanun layihəsi  iş gününün əvvəlində təsdiq etdiyimiz “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun tələblərinə, prosedurlarına tamamilə müvafiqdir.  Mən deyərdim ki, elmi-nəzəri baxımdan da çox mükəmməl hazırlanmış  hərbi-hüquqi sənəddir. Ona görə mən sizin hamınızı bu qanun layihəsini dəstəkləməyə və ona səs verməyə dəvət edirəm. Qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb. Ona görə sizi bu oxunuşda  fəal olmağa dəvət edirəm. Başqa bir təklif, fikir yoxdursa, qanun layihəsinin müzakirəsinə keçirik. Qüdrət Həsənquliyev, buyurun.
Q.Həsənquliyev. Çox sağ olun, Ziyafət müəllim. Doğrudan da, qanun haqqında fikirlərinizi bölüşürəm. Qanunun həm dili çox asandır, başa düşüləndir, fikirlər çox aydın ifadə olunub, həm də mükəmməl hazırlanıb. Bu baxımdan da layihənin üzərində işləmiş hər bir şəxsə öz minnətdarlığımı bildirirəm.
Konseptual baxımdan, Ziyafət müəllim, iki məsələnin qanunda öz əksini tapmasını istəyərdim. Əlbəttə, ikinci oxunuşda müzakirələr zamanı ayrı-ayrı maddələr üzrə bəzi fikirlər olacaq. Amma konseptual məsələ Silahlı Qüvvələrin hərbi qulluqçuları tərəfindən hərbi xidmət vəzifələrinin icrasıdır. Burada qanunda birmənalı şəkildə qeyd olunur ki, Silahlı Qüvvələrin hərbi qulluqçuları hərbi xidmət vəzifələrini yerinə yetirərkən Silahlı Qüvvələrin hərbi nizamnamələrinin tələblərini və komandirlərinin, rəislərinin qərar və sərəncamlarını icra edirlər. Azərbaycan Respublikası Konstitusiyasının 54-cü maddəsinin ikinci hissəsinə görə dövlətə qarşı qiyama və ya dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. Yəni bizim Silahlı Qüvvələrin əsgər və zabitləri də Azərbaycan Respublikasının vətəndaşlarıdır. Azərbaycan Respublikasının Konstitusiyasında heç bir norma məhdudlaşdırıcı norma kimi qəbul oluna bilməz. Bu baxımdan həmin zabit və əsgərlərin də ixtiyarları var ki, əgər, doğrudan da, dövlətə qarşı qiyam, yaxud dövlət çevrilişi cəhdi olarsa, onlar açıqdan-açığa nizamnaməyə, Konstitusiyaya zidd əmr və sərəncamları yerinə yetirməsinlər.
Biz qardaş Türkiyədə iyul hadisələri zamanı baş verən hadisələri müşahidə elədik. 300-ə qədər günahsız, dinc insan hərbçilər tərəfindən qətlə yetirildi. Dinc insanlara atəş açıldı. Bu bizim üçün çox üzücü idi. O baxımdan qanunun özünə birbaşa Konstitusiyanın bu müddəasını, yaxud da Konstitusiyanın 79-cu maddəsini daxil edə bilərik. Burada məsələ nədir? Konstitusiyanın 79-cu maddəsində qeyd olunur ki, heç kəs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına zidd vəzifələrin icrasına məcbur edilə bilməz. Bu müddəa, bu norma Silahlı Qüvvələr haqqında qanunda da öz əksini tapmalıdır. Əmri verən də bilməlidir ki, o, Konstitusiya və qanunlara zidd əmr verirsə, deməli, bu əmr icra olunmayacaq. Mən hesab edirəm ki, bu, hətta müvafiq daxili nizamnamələrdə də öz əksini tapmalıdır ki, gələcəkdə Azərbaycan üçün, – Allah uzaq eləsin, hazırda belə təhlükə də yoxdur, –  belə bir təhlükə olarsa, indidən onun qarşısını ala bilək. Yaxud 13.4-cü maddə əlavə edə bilərik ki, hərbi qulluqçular açıqdan-açığa hərbi cinayət hesab olunan əmrləri icra etmirlər. Misal üçün deyirəm, sabah torpaqlarımızı işğaldan azad elədik, hansısa zabit əmr verdi ki, dinc insanlara qarşı silah tətbiq eləyin. Bu da bilirsiniz ki, hərbi cinayətdir. Belə olduğu halda o əmrlərin yerinə yetirilməməsi lazımdır. Bu da qanunda öz əksini tapmalıdır.
İkinci mühüm məsələ 15-ci maddə ilə bağlıdır. Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Keçən dəfə mənim deputat həmkarım Fazil Mustafa da burada məsələ qaldırdı. Söhbət parlament nəzarətindən imtinadan gedir. Yəni burada bu barədə heç nə qeyd olunmur. Halbuki  Konstitusiyanın 95-ci maddəsinin ikinci hissəsinə görə Azərbaycan Respublikasının Milli Məclisi münasibət bildirməsini zəruri hesab etdiyi istənilən məsələni  parlamentdə müzakirə eləyib müvafiq qərar qəbul eləyə bilər. Sözsüz ki, bu, icra orqanlarına və məhkəmə strukturlarına tapşırıq xarakteri daşımamalıdır. Bundan əlavə  Konstitusiyanın 95-ci maddəsinin birinci hissəsinin 5-ci bəndi var. Biz deyirik ki, Azərbaycan Respublikasının Milli Məclisi büdcəni qəbul edir və büdcəyə nəzarət edir. Əgər bizim hər hansı bir nəzarətimiz yoxdursa, Silahlı Qüvvələrə  büdcədən vəsait ayırırıq, bu vəsaitin xərclənməsinə necə nəzarət edə bilərik. Yəni düşünürəm ki, 15-ci maddədə bu məsələlər ilə bağlı fikir bildirilməli və qeyd olunmalıdır ki, Silahlı Qüvvələrin fəaliyyətinə nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı və Azərbaycan Respublikasının Milli Məclisi xüsusi nəzarət qaydasında həyata keçirir. Yəni hansısa formada bu fikir ifadə olunmalıdır.
Biz bu yaxınlarda Tərtər istiqamətində bizim hərbi hissələrdə baş verən qanunsuzluqlar barədə eşitdik. Bəzi hallarda zabitlərin əsgərlərə münasibətdə nizamnamədən kənar davranışı haqqında məlumatlar əldə edirik. Bəzi zabitlərin əsgərləri hətta soyuq havada misal üçün deyirəm, cəza kimi ayaqyalın qarın üzərində saxlaması və sair bu kimi qanunsuz əməllər haqqında bəzən bizə məlumatlar çatır. Ona görə də Milli Məclisin müvafiq komitəsinin yeri gəldikdə bu və ya digər qanun pozuntuları ilə bağlı, bizi narahat edən digər məsələlər ilə bağlı müvafiq vəzifəli şəxsləri dəvət edib müvafiq dinləmələr keçirmək hüququ olmalıdır. Yəni heç bir halda Silahlı Qüvvələr parlament nəzarətindən kənarda saxlanıla bilməz. Buna görə də  düşünürəm, bu iki konseptual və mühüm məsələnin biri zabitlərin əmrlərinin sözsüz icra olunması ilə bağlı məsələdir ki, buna yol vermək olmaz.
İkincisi  parlament nəzarəti məsələsidir. Mən düşünürəm ki,  ictimai nəzarətin də burada öz əksini tapmasını qeyd eləmək olar. Məsələn, bilirik ki, indi Silahlı Qüvvələrdə müsbət hallardan biri nədir.  İctimai nəzarəti təmin etmək üçün açıq qapı günləri keçirilir. Sözün doğrusu, mən bunu çox alqışlayıram. Valideynlər gedirlər, hərbi hissələrə girirlər, əsgərlər ilə söhbət edirlər, onların qidalanması ilə tanış olurlar, yaşayış şəraitlərinə baxırlar. Yəni bu çox müsbət haldır, ictimai nəzarətin bir formasıdır. Əgər bu, reallıqda varsa, niyə onda  qanunda öz əksini tapmasın. Bunu müəyyən bir formada qanuna salmalıyıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, əgər etiraz eləmirsinizsə, 5 dəqiqəyə keçək. Vahid Əhmədov.
V.Əhmədov. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, Siz qanun layihəsi ilə əlaqədar geniş məlumat verdiniz. Mən belə hesab edirəm ki, konsepsiya tamamilə düzgün qurulub və bu qanun layihəsini qəbul etmək çox vacibdir. Azərbaycanın indiki şəraitində, ümumiyyətlə, Silahlı Qüvvələrin statusu bilinməlidir və bu da qanun layihəsində öz əksini tapıb. Amma bununla bərabər mənim bir neçə sualım var. İstərdim öz mövqeyimi bildirim. Birincisi, əsas anlayışlarda, 1.0.3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikasının başqa silahlı birləşmələri Silahlı Qüvvələrin tərkib hissəsi olmaqla bu qanunla müəyyən edilmiş xüsusi vəzifələri yerinə yetirən və hərbi xidmət nəzərdə tutulan dövlət orqanları və ya onların strukturuna daxil olan qurumların siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Müvafiq icra hakimiyyəti orqanı deyəndə biz nəyi nəzərdə tuturuq? Əgər biz Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun qəbul eləyiriksə, konkret orada göstərməliyik ki, Silahlı Qüvvələrin tərkibinə hansı hərbi birləşmələr daxildir. Çünki bizim bir çox nazirliklərimizin tərkibində müəyyən hərbi birləşmələr var. Yəni bu hərbi birləşmələri də  Silahlı Qüvvələrin tərkibinə daxil etməliyik. Azərbaycanın müstəqillik dövründə olan bir sıra təxribatlar, çevrilişlər, hadisələr onu sübut elədi ki, başqa qurumların tərkibində olan silahlı birləşmələr də mütləq Silahlı Qüvvələrin tərkibinə daxil olmalıdır. Yəni mən təklif edərdim ki, bunun siyahısı Silahlı Qüvvələr haqqında qanunda olsun. 
6.2-ci maddədə göstərilir ki, səfərbərlik və müharibə ərəfəsində Silahlı Qüvvələrə rəhbərliyi Ali Baş Komandan edir. Amma 6.1-ci maddədə  göstərilir ki, real təhdid olan dövrdə faktiki olaraq Silahlı Qüvvələrin tərkibində olan birləşmələr bu məsələni öz aralarında həll edir. Onsuz da Azərbaycan müharibə şəraitində olan bir dövlətdir, istər təhdid olsun, istər dinc dövr olsun, istərsə də müharibə şəraiti olsun, bunun ikisini də Ali Baş Komandana vermək lazımdır. Yəni əsas vəzifə, məsuliyyət Ali Baş Komandanın üzərində olduğu üçün mən təklif edirəm ki, bu iki bənd birləşdirilib Ali Baş Komandana verilsin.
Üçüncü təklifim. 9-cu maddə Silahlı Qüvvələrin əmlakı ilə əlaqədardır.  9.2-ci maddədə göstərilir ki, Silahlı Qüvvələrin istifadəsində olan əmlak dövlət mülkiyyəti olmaqla hərbi əmlakdan və digər təyinatlı əmlakdan ibarətdir. Mən əlavə edərdim ki, bu əmlakın özəlləşdirilməsi qadağandır. Həmin əmlakın özəlləşdirilməsi yalnız Ali Baş Komandanın əmri nəticəsində həyata keçirilə bilər. Çünki bu çox ciddi bir məsələdir,  hərbi birləşmələrdə olan əmlakın özəlləşdirilməsi ilə əlaqədar neqativ hallar həddindən artıq çoxdur. Ona görə də mən xahiş edərdim ki, bu, qanun layihəsində öz əksini tapsın.
Burada mənim hörmətli həmkarım Qüdrət müəllim nəzarət ilə əlaqədar məsələyə toxundu. Düzdür, burada 8.3-cü maddədə  göstərilib ki, Silahlı Qüvvələrin maliyyələşməsinə ayrılmış vəsait və onun xərclənməsi üzərində nəzarət “Büdcə sistemi haqqında” və “Hesablama Palatası haqqında” qanunlara uyğun həyata keçirilir. Amma  biz burada artıq üçüncü çağırışdır Milli Məclisin deputatlarıyıq, mən bir dəfə eşitmədim ki, Hesablama Palatası Silahlı Qüvvələrin tərkibində hansısa yoxlama aparsın və Milli Məclisə təqdim eləsin. Ona görə də Milli Məclisin  Silahlı Qüvvələr üzərində nəzarət mexanizmini bu qanunda, Ziyafət müəllim, mütləq nəzərə almaq lazımdır. Çünki bu çox vacib  məsələlərdən biridir. Silahlı Qüvvələr üzərində nəzarət mexanizmini bu qanunda fikirləşmək lazımdır. Ümumi götürəndə mən belə hesab edirəm ki, qanun layihəsi çox normal  hazırlanıb, bizim bugünkü  ümumi siyasi şəraitimizə uyğundur və qəbul oluna bilər. Çox sağ olun.
 
Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T.Rzayev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dövlətimizin müstəqilliyi, suverenliyi, ərazi bütövlüyü, təhlükəsizliyi keşiyində möhkəm dayanan Azərbaycan Respublikasının Silahlı Qüvvələri ölkəmizin rəhbəri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında öz gücünü, döyüş qabiliyyətini ildən-ilə artırır. Müasir silahlarla təchiz olunan, maddi-texniki bazasını, kadr potensialını möhkəmləndirən Silahlı Qüvvələrimiz düşməni hər an susdurmağa, ən çətin maneələri dəf etməyə qadirdir. Keçən ilin aprel döyüşləri, düşmənə endirilən sarsıdıcı zərbələr bunu deməyə əsas verir. Ancaq Silahlı Qüvvələrimiz nə qədər qüdrətli, güclü olsa da, ona qayğı və diqqət durmadan artırılmalıdır. Bu sahədə islahatlar davam etdirilməlidir. Ordu ilə xalqın birliyi daha sıx təmin edilməlidir. Qanunvericilik bazası möhkəmləndirilməlidir.
Təqdim olunan qanun layihəsi bu baxımdan çox əhəmiyyətli və günün reallığını özündə əks etdirən bir sənəddir. Mən bu layihəni təqdimata çıxaranlara öz təşəkkürümü bildirirəm. Layihədə Silahlı Qüvvələrin inkişafı ilə əlaqədar əks olunan müddəalar tək biz deputatların deyil, hər bir Azərbaycan vətəndaşının istəyidir. Çünki bu müddəalar torpaqlarımızın azad olunmasına, ölkəmizin müdafiəsinin qüdrətinin möhkəmlənməsinə xidmət edir. Silahlı Qüvvələrin vəzifələrini, təşkilini, idarə edilməsini, əmlak və maddi-texniki təminatını, komplektləşməsini, şəxsi heyətin məsuliyyətini və digər mühüm amilləri özündə ehtiva edən qanun layihəsi mükəmməldir. Layihədə hərbi qulluqçuların, dövlət qulluqçularının və digər mülki işçilərin, onların ailə üzvlərinin, ehtiyata və istefaya buraxılmış şəxslərin hüquqi və sosial müdafiəsi ilə əlaqədar fikirlərin yer alması Silahlı Qüvvələrdə çalışan hər bir kəsə qayğının ifadəsi kimi qiymətlidir.
Bu günlərdə Ali Baş Komandan olan hörmətli Prezidentimizin Ağcabədidə olarkən N hərbi hissəsinə baş çəkməsi, orada əsgər və zabitlərlə görüşməsi, onların  xidməti ilə maraqlanması bu qayğının bir  nümunəsi kimi dəyərlidir. Silahlı Qüvvələrə  qayğı,  maddi-texniki bazasının möhkəmləndirilməsi dövlətimiz ilə bərabər,  elə bilirəm, hər bir vətəndaşın vəzifəsi olmalıdır. İnsanların bunu yaxşı qiymətləndirməsi, Silahlı Qüvvələrin müdafiə fonduna keçirilən vəsaitlərin ildən-ilə artması fərəh doğurur. Təkcə təmsil olunduğum Ağcabədi rayonunun sakinləri son illər bu fonda 2 milyon 200 min manata yaxın vəsait keçirmişlər ki, bu da qürurvericidir. Bizim hər birimiz bu sahədə öz sözümüzü deməliyik. Silahlı Qüvvələrin hər an düşməni sıxmağa qadir olması yaxın qələbələrimizdən, torpaqlarımızın azad olunmasından xəbər verir.  Ali Baş Komandanımızın rəhbərliyi altında, bilirəm ki, həmin gün uzaqda deyil və Azərbaycan xalqı da həmin günü gözləyir. Qanun layihəsi birinci oxunuşun tələblərinə tam cavab verir. Sözsüz ki, biz ikinci oxunuşda ayrı-ayrı maddələr haqqında öz fikirlərimizi deyəcəyik. Mən qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Tahir müəllim düz dedi ki, ikinci oxunuşda maddə-maddə səs verəcəyik. Biz yaddan çıxardırıq ki, bu, birinci oxunuşdur. Birinci oxunuşda biz qanun layihəsinə, əsasən, konseptual yanaşmalıyıq. Ona görə, xahiş edirəm, konseptual fikirlərimizi bildirək. Tahir Kərimli buyursun.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Doğrudan da, ötən 26 il müddətində keçmiş qanunun təzələnməsi üçün çox ciddi ictimai-siyasi hadisələr, Silahlı Qüvvələrdə mühüm dəyişikliklər baş vermişdir. Ona görə bu qanunun qəbul edilməsi zəruridir. Hesab edirəm ki, doğrudan da, nadir qanunlardan biridir ki, öz ana dilimizə, dövlət dilinə yaxşı uyğunlaşdırılıb. Bütün məsələlər lakonik şəkildə öz əksini tapıb. Şübhəsiz ki, bu qanunun lehinə səs verəcəyəm. Ancaq bir neçə kiçik, lakin prinsipial saydığım, həm də konseptual yanaşma tələb eləyən dəyişiklik təklif edərdim. Onlar nədən ibarətdir? Qanunda təbii ki, Konstitusiyanın 9-cu maddəsinin 1-ci bəndi öz əksini tapıb. Amma istərdim ki, 2-ci bənd də öz əksini tapsın. Bu, məncə, mühümdür. Çünki burada başqa dövlətlərin müstəqilliyinə qəsd vasitəsi və beynəlxalq münaqişələrin həlli üsulu kimi müharibə rədd edilir. Silahlı Qüvvələrin təyinatı ilə bağlı  bilirik ki,  3-cü maddədə sadalanır. Bunların hamısını yenidən sadalayıb vaxt almaq istəmirəm. Amma bir bənddə  ictimai qaydanın qorunması məsələsi var. Bilirik ki, hətta yadımdadır, SSRİ dövründə ordunun xarici təyinatlığı həm partiya sənədlərində, həm də dövlət qanunlarında, nizamnamələrdə əksini tapmışdı. Mən hesab edirəm ki, burada başqa silahlı birləşmələrdən  söhbət gedir. Ordudan söhbət getmir. Yadımdadır, Riqada 1970-ci illərin əvvəllərində ordu daxili siyasətə müəyyən müdaxilə eləmişdi, bu da öz əksini beynəlxalq səviyyədə ciddi şəkildə tapmışdı. Ona görə də burada “Azərbaycan ordusu istisna olmaqla” sözlərinin əlavə edilməsini zəruri hesab edirəm.
Bundan başqa 4-cü maddədə, eyni zamanda, Silahlı Qüvvələrin əsas vəzifələri öz əksini tapıb. Bu vəzifələr geniş yazılıb. Hesab edirəm ki,  heç kim bizə şübhə ilə yanaşmamalıdır ki, bizim ordumuz tam qələbəyə köklənib, iradəlidir. Burada bu olmalıdır. Ona görə də biz döyüş əməliyyatlarının təkcə ərazimizdə aparılması ilə kifayətlənməməliyik. Hesab edirəm ki, 4.3.3-cü maddədə “məğlubiyyətə uğratmaq” sözlərindən sonra “zəruri hallarda düşməni ölkə ərazisindən kənarda təqib etmək məqsədi ilə hərbi əməliyyatları davam etdirmək” sözləri də olmalıdır. Biz bilirik ki, İkinci dünya müharibəsində və başqa müharibələrdə də olub ki, düşmənin təzədən səfərbər olmasının qarşısını almaqdan və onu ciddi məğlubiyyətə uğratmaqdan ötrü sərhədin digər tərəfində də hərbi əməliyyatları davam etdirmək zərurəti yarana bilər.
Sonrakı təklifim konseptual baxımdan vacibdir. Yəni Silahlı Qüvvələrin hərbi quruculuğu, fəaliyyət prinsipləri ilə bağlı, hesab edirəm, xüsusi bir maddə əlavə olunmalıdır. Həmkarlarımın bəziləri bunu qeyd elədilər. Bütün bu  keyfiyyətləri ilə yanaşı, Silahlı Qüvvələrin humanist xarakterinin öz əksini tapmasından ötrü təklif edirəm, 5.0.13-cü maddə əlavə olunsun. Burada mülki əhalinin əsir və girovlara humanist rəftar göstərməsi vəzifəsi öz əksini tapmış olsun. Bütövlükdə qanun layihəsi çox yaxşıdır. Səs verəcəyəm və həmkarlarımı da səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sahib Alıyev.
S.Alıyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, dəyərli həmkarlar! Mən də bu layihəyə səs verəcəyəm, çünki layihə Azərbaycan Respublikası Konstitusiyasının tələblərinə uyğun hazırlanıb. Qanunvericilik texnologiyasına uyğundur. Doğrudan da, həmkarlarımın da qeyd etdikləri kimi, sadə, anlaşıqlı və gözəl bir dildə hazırlanmış mükəmməl qanun layihəsidir.
Hörmətli həmkarlar, bizim hazırda necə bir dünyada, hansı reallıqlar çərçivəsində yaşadığımız heç kimə sirr deyil. O da sirr deyil ki, təcavüzkar Ermənistan ordu sayını əsas götürərək guya ordu-xalq deyilən bir hərbiləşmiş dövlət yaratmaq istədiyini bəyan edir. Amma öz ənənəsi olmayan bir xalq ordu-xalq prinsipi ilə nə formalaşdıracaq, bu da ağlabatan deyil. Öz sərhədlərini qoruya bilməyən, öz ordusuna arxalanmayan bir dövlətin belə bir dövlət formalaşdıracağı mümkünsüzdür. Amma hazırkı reallıqları nəzərə alsaq, fikirləşirəm ki, biz məhz elə bir vəziyyətdəyik ki, son nəticədə torpaqlarımızı məhz bu prinsip əsasında, bu prinsip reallaşacağı təqdirdə azad edə bilərik və azad edəcəyimizə də əminəm. Ona görə bizim qanunvericilik bazamız da bu prinsip üzərində qurulmalıdır. İkinci oxunuşda bəzi detallarla bağlı müəyyən məsələlər var, onları deyəcəyəm. Amma burada, sadəcə, bir məsələni qeyd etmək istəyirəm, çünki vaxtınızı çox almaq istəmirəm.
 4-cü maddə “Silahlı Qüvvələrin əsas vəzifələri” adlanır. 4.3-cü maddədə müharibə şəraitində, eyni zamanda, real təhdid şəraitində ordunun necə hərəkət etməli olduğu öz əksini tapıb.  4.3.1-cü maddədə göstərilir ki, tam və ya qismən səfərbərlik üzrə tədbirləri vaxtında yerinə yetirmək lazımdır. Bu var. Amma onu nəzərə almalıyıq ki, bizim torpaqlarımız işğal altındadır. Biz, sadəcə, təcavüzün qarşısının alınması deyil, həm də təcavüzün nəticəsinin aradan qaldırılması reallığı ilə üz-üzəyik. Ona görə də təklif edərdim ki, bu reallıq nəzərə alınaraq məhz ordunun hazırlıq səviyyəsinin olması məsələsi də maddədə öz əksini tapsın. Çünki bu, başqa hazırlıq səviyyəsi tələb edir. Sonda bir daha bildirirəm ki,  keçənilki referendumdan sonra bildiyiniz kimi, biz Azərbaycan Konstitusiyasının 9-cu maddəsinin birinci hissəsinə düzəliş etdik. Bütün silahlı birləşmələr Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin tərkib hissəsi olduğundan indi belə bir qanunun yaranmasına, doğrudan da, böyük ehtiyac var. Mən onun lehinə səs verəcəyəm. Təşəkkür edirəm.  
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr.  Mən də bu qanun layihəsinə səs verəcəyəm. Konseptual baxımdan  qanun layihəsi çox mükəmməl hazırlanıbdır. Burada Silahlı Qüvvələrin təyinatı, vəzifələri, fəaliyyəti, tabeçiliyi, nəzarət, sosial təminatı, yəni hər bir məsələ öz əksini tapıbdır. Biz nəzərə almalıyıq ki, son 26 il ərzində Azərbaycan Silahlı Qüvvələrinin keçdiyi yol bilavasitə ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır. Hesab edirəm, onun arzusu və istəyi ondan ibarət idi ki, Azərbaycanda güclü Silahlı Qüvvələr  formalaşsın. Bugünkü qanunda da görünür ki, artıq Azərbaycanda belə Silahlı Qüvvələr yaranıb, formalaşıb və Cənubi Qafqazın ən aparıcı silahlı qüvvələrindən birinə çevrilibdir. Burada hər bir sahə çox əhatəli şəkildə dəqiqliyi ilə göstərilib.
Hörmətli Sədr, həssas bir dövrdə yaşayırıq, ərazilərimizin 20 faizi işğal olunub, 1 milyondan artıq qaçqınımız var. Belə bir zamanda Silahlı Qüvvələrlə bağlı qanun layihəsi Milli Məclisdə müzakirə olunursa, hesab edirəm, bu il ərzində bunu qəbul etməliyik. Çünki bir çox səbəblər bizi vadar edir ki, bu cür qanunları tezliklə qəbul edək və Silahlı Qüvvələrin tam şəkildə fəaliyyətinin tənzimlənməsinə yardımçı olaq.
Bilirsiniz ki, bir neçə gün bundan qabaq Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvlərinin keçirdiyi toplantıda yeni silahlı birləşmə növü yaradılması haqqında qərar qəbul olunubdur. İşğalçı dövlət olan Ermənistan bilavasitə bu müqavilənin üzvüdür. 17 mindən artıq ordu növü təşkil olunmaqdadır. Bunların qoşun növləri artıq müəyyənləşir. Dünyada ikili standartlara  nəzər salsaq, görərik ki, bir tərəfdən Ermənistan Avropa İttifaqı ilə müqavilə imzalamağa gedir, digər tərəfdən Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına qoşulur ki, gələcəkdə bir-birlərinin ərazisinə xarici müdaxilə olanda müdafiə etsinlər. Budur Ermənistanın siması, ikiüzlülüyü və ona şərait yaradanların ikiüzlülüyü ki, ona həm orada, həm də burada  dəstək verirlər. Halbuki o öz  milli xislətinə uyğun olaraq, mövqesizlik mövqeyindən çıxış edərək bu cür hərəkətləri davam etdirir. O baxımdan mən hesab edirəm ki, bizim Silahlı Qüvvələrlə bağlı qanunumuz daha dəqiq şəkildə öz həllini tapmalıdır.
Burada Silahlı Qüvvələrə nəzarət çox düzgün olaraq bilavasitə Ali Baş Komandana  verilibdir. Başqa formada ola bilməz. Təkcə Amerika Birləşmiş Ştatlarını çıxmaq şərti ilə dünyanın əksər dövlətləri orduya, silahlı qüvvələrə nəzarəti ancaq Ali Baş Komandana həvalə edirlər. Biz neçə illik dövlətçilik təcrübəsi olan Türkiyədə də gördük ki, ordu parlamentin nəzarəti altında olduğu vaxt, yəni Süleyman Dəmirəlin dövründə 8 dəfə dövlət çevrilişi baş verdi. Digər baş nazirlərin dövründə də ordu hansısa terrorist addımlar atdı. Ona görə də vahid nəzarət mexanizmi Ali Baş Komandana məxsus olmalıdır.
Digər bir tərəfdən. Ordu, yəni Silahlı Qüvvələr cəmiyyətin bir hissəsidir, ondan kənarda deyil. Cəmiyyətdə baş verən hadisələri orduya daşımaq olmaz. Bizim qanunumuz məhz bunu məhdudlaşdırmalıdır ki, kimin evində nə hadisə baş verdisə, onu orduya daşımasın. İctimai nəzarət o halda olur ki, ictimai nəzarətdən Silahlı Qüvvələr nə isə əldə etsin. İctimai nəzarət orada dedi-qodu məclisinə çevrilirsə, Silahlı Qüvvələrə  ictimai nəzarət  onun ziyanına işləyir. Bu gün Silahlı Qüvvələrdə veteranların təcrübəsindən, Əfqanıstan müharibəsi iştirakçılarının təcrübəsindən kifayət qədər bəhrələnirlər. Mən hesab edirəm ki, bu proses bu cür də davam etməlidir. Silahlı Qüvvələrin tərkibi ilə bağlı burada qeyd olundu.  1.0.3-cü və  3-cü maddələrə baxanda açıq şəkildə görünür ki, hansı silahlı birləşmələr...
Sədrlik edən. 1 dəqiqə verin, fikrini yekunlaşdırsın.
S.Novruzov. Silahlı Qüvvələrin tərkibinə daxildir. O baxımdan da burada müvafiq icra hakimiyyəti onun siyahısını müəyyənləşdirəcəkdir və müəyyənləşdirdikdən sonra bu, aydın şəkildə göstəriləcəkdir. Hər bir xırda detalı biz qanuna sala bilmərik. Çünki müəyyən fərman və sərəncamlarda  bunlar öz əksini tapacaqdır.
Ümumilikdə götürəndə, hesab edirəm ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün həm təchizat baxımından, həm fiziki hazırlıq baxımından, həm də mənəvi hazırlıq baxımından çox yüksək əhvali-ruhiyyədədir və Azərbaycanın ərazi bütövlüyünün təmin olunması, qaçqınlarımızın və məcburi köçkünlərimizin yerlərinə qaytarılması, Azərbaycanın suveren hüquqlarının öz ərazisində bərpa edilməsinə hazırdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elman Nəsirov.
E.Nəsirov. Cənab Sədr, hörmətli həmkarlar! Bu gün biz 5 fəsildən, 15 maddədən ibarət çox mühüm bir qanun layihəsini müzakirə edirik. Mənim də fikrim belədir ki, çox mükəmməl bir qanun layihəsidir. Hətta bu qanun layihəsində nə isə  bir qüsur tapmanın özü də çox qəliz məsələdir. Ona görə də Ziyafət müəllimə xüsusi olaraq təşəkkür edirəm ki, dili, üslubu çox səlis, aydın şəkildə ifadə edilib.
Mən hörmətli həmkarım Siyavuş müəllimin o fikri ilə tam şərikəm ki, 1991-ci il  oktyabrın 9-da Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında sənəd elan edilsə də, əslində, Azərbaycan Silahlı Qüvvələri yaradılmadı. O yalnız və yalnız kağız üzərində idi. Azərbaycan Silahlı Qüvvələrini məhz ulu öndər Heydər Əliyev yaratdı və bu gün  ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev də fəxrlə qeyd edir ki,  Azərbaycan Silahlı Qüvvələri, onun ən mühüm tərkib hissəsi olan Azərbaycan ordusu dünyada ən güclü ordular sırasındadır. Biz bununla hər zaman qürur duyuruq. Xüsusilə də aprel döyüşləri bütün bu həqiqətləri tam şəkildə ifadə etdi. Bu nöqteyi-nəzərdən belə bir qanun layihəsinin hazırlanmasının əhəmiyyətini gücləndirən ən mühüm amil onunla bağlıdır ki, aprel döyüşlərindən sonra bizim hərbi üstünlüyümüz bütün dünyaya bəlli oldu. Aprel döyüşlərinin ardınca hərbi gücə söykənən Azərbaycan diplomatiyası daha üstün mövqedə dayandı. Elə bunun  mühüm sübutu kimi, qeyd edim ki, aprel döyüşlərindən sonra Ermənistan prezidenti qeyd etmişdi ki, heç bir halda Azərbaycan Prezidenti ilə danışıqlara getməyəcək. Yalnız bir neçə şərt, daha dəqiq desək, 3 şərt daxilində bu danışıqlar mümkündür. Lakin o, heç bir şərt irəli sürülmədən son anda məcbur oldu ki, Cenevrə danışıqlarına getsin. Deməli, bizim həm diplomatik üstünlüyümüz, həm də hərbi üstünlüyümüz var. Hesab edirəm ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanunun qəbulu ilə bizim qanunvericilik sahəsindəki üstünlüyümüz də təmin ediləcək. Bu baxımdan hesab edirəm ki, çox mühüm və əhəmiyyətli bir qanundur.
Mənim texniki bir qeydim var. Əgər mümkün olsa, onu nəzərə almağınızı xahiş edirəm. Belə ki, “Əsas anlayışlar” deyilən 1-ci maddənin 1.0.2-ci bəndində qeyd olunur: “Azərbaycan Ordusu Silahlı Qüvvələrin əsas tərkib hissəsi olmaqla Azərbaycan Respublikasına qarşı yönəlmiş təcavüzün dəf edilməsini, ərazi bütövlüyünün və toxunulmazlığının silahlı müdafiəsini təmin edən və fəaliyyəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən təşkil edilən silahlı birləşmədir”. Mənə elə gəlir ki, bu cümlədə “toxunulmazlığı” sözünün yerinə “sərhədlərinin toxunulmazlığı” ifadəsi işlənsə, daha düzgün olar. Yəni “sərhədlərinin” sözünün orada əksini tapmasına,  hesab edirəm ki, ehtiyac var. Amma bütövlükdə bir daha qeyd etmək istəyirəm ki, kifayət qədər ciddi və mükəmməl bir qanundur. Birinci oxunuşun bütün tələblərinə cavab verir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Burada hamı o mövqedə haqlıdır ki, Azərbaycanın ötən dövr ərzində keçdiyi inkişaf yolu, formalaşdırdığı ordu bizdən daha mükəmməl qanunvericilik sistemini  tələb edirdi. Hörmətli həmkarımız Ziyafət Əsgərov həmişə olduğu kimi çox mükəmməl bir təqdimat etdi. Biz komitə səviyyəsindəki müzakirələrdə də bir müqayisəni daha çox qabardırdıq ki, 1991-ci ilin 9 oktyabrında, diqqət edirsinizsə, müstəqillik günümüzdən 9 gün qabaq qəbul olunmuş o sənəd xalqın təzyiqinin hesabına idi. Amma bununla bərabər yalnız baxışlar toplusu idi. Onu bütövlükdə Azərbaycanda hərbi sistemə tətbiq etmək mümkün deyildi, heç reallıqda da bu baş vermədi. Ona görə də Azərbaycanda rəsmi olaraq formalaşdırılan ordu sistemlərindən daha çox qanunsuz birləşmələr mövcud idi. Azərbaycan  onun problemlərini həm müdafiə sistemində, həm də  hakimiyyət uğrunda mübarizədə yaşadı. Ona görə də biz belə bir qanunu dediyimiz kimi, həm regional təhlükəsizlik təhdidləri qarşısında, həm də Azərbaycanın gücünə adekvat olaraq qəbul etməliyik. Biz bugünkü sənədi çərçivə qanunvericiliyi adlandırırıq. Çünki  bütün qoşun növləri,  birləşmələri  haqqında ayrıca qanunlarımız var və yaxud da Ziyafət müəllimin qeyd etdiyi kimi, olacaqdır. Mən bir az obrazlı dedim ki, bu, Silahlı Qüvvələrin Reyestri haqqında ümumi qanundur. Mən komitə səviyyəsində də təkliflər etmişdim. Biz indi Qarabağ problemini yaşayırıq. Bizim ərazimizdə başqa  hərbi birləşmələr də mövcuddur. Burada Konstitusiyamızdan misallar gətirildi. Mən çox arzulayıram qeyd olunsun ki, Azərbaycanın silahlı birləşmələri ərazi bütövlüyü çərçivəsində yaradılır. Yəni vahidlik və tamlıq prinsipini biz burada bərqərar edək. Biz Qarabağda yerləşən qüvvələrin statusunu işğalçı kimi ümumən siyasi bəyanatlarımızda ifadə etmişik. Amma hərbi qanunvericiliyimiz  baza sənədidir, burada da ifadə etməliyik  və  göstərməliyik ki, onlar qanunsuz hərbi birləşmələrdir. Ona görə də vahidlik və tamlıq prinsipinin buraya aid olmasını çox arzulayıram.
İkinci, biz region ölkələrin təcrübəsində müxtəlif hadisələri görməkdəyik. Məsələn, Rusiyada son dövrlər bilavasitə prezidentin qərarı ilə tamam fərqli bir hərbi birləşmə yaradılıb. Bir çoxları bunun ətrafında polemikalar qurdular ki, bu, daxildə hansısa qüvvələrə qarşıdır,  üçüncülər dedilər ki, dövlət rəhbərinin hansısa xarici məkanlarda maraqları var, orada istifadə edəcəklər və sair. Ona görə də mən hesab edirəm, biz qəbul etməliyik ki, bugünkü hərbi qüvvələr sistemindən tamamilə yeniləri yaradıla bilər. O üçüncü anlayış hissəsində  dediyimiz məsələ əksini tapıb. Ancaq burada hörmətli həmkarım Sahib Alıyev Ermənistanın nümunəsinə toxundu, hərbi birləşmələr orada ölkəni bütövlükdə əvəz edir. 
Son günlər Rusiyada  pərdə geniş açılır və onların efirindən obyektiv  mövqelər səslənir. Bir çoxları deyirlər ki, Ermənistan bütövlükdə ya Rusiya dövlətidir, ya da Rusiyaya mülkiyyət hüququ verilibdir. Azərbaycanda şükür olsun, belə bir problemimiz yoxdur. Dövlət başçısının iradəsinə görə Azərbaycanda xarici hərbi birləşmələr mövcud deyil. Ancaq  hansısa bir  bəndlə mən çox arzulayıram, ifadə olunsun ki, əgər Azərbaycanda da hansısa  hərbi birləşmələr yerləşdirilərsə, bu baş verərsə, onların fəaliyyəti Silahlı Qüvvələrimizin konkret ərazi üzrə, ya bölgə üzrə və sair kimi prinsiplərini qorumaq olsun. Silahlı Qüvvələrimizin funksiya və statusunu aşağılayan, ona mane olan vəzifələri həyata keçirməsinlər. Bütövlükdə götürdükdə mən bu sənədi mükəmməl hesab edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı çoxdandır danışmır. Xahiş edirəm, bir az qısa elə, konseptual yanaş.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, qonaqlar və media təmsilçiləri! Mən təkrarçılığa yol verməyəcəyəm. Burada hörmətli həmkarlarımızın konseptual baxımdan söyləmiş olduqları fikirləri dəstəkləyirəm və düşünürəm ki,  onlar nəzərə alınarsa, qanun daha mükəmməl bir səviyyəyə qalxa bilər. Mahiyyət etibarilə  konseptual baxımdan mən qanunun birinci oxunuşda qəbul edilməsinin tərəfdarıyam və ona səs verəcəyəm. Qüdrət Həsənquliyevin qanunun müəyyən maddələrinin Konstitusiyaya edilən son dəyişikliklərlə bağlı olaraq ona uyğunlaşdırılması fikrini dəstəkləyirəm, müdafiə edirəm. Bütövlükdə belə bir qanunun qəbul edilməsini zəruri hesab edirəm. Nədən? Ona görə ki, Azərbaycanın Silahlı Qüvvələri bu gün fəaliyyətini çox yüksək standartlara uyğun bir şəkildə qurur, bunu aprel döyüşləri də  birmənalı şəkildə təsdiq etdi. Deməyi özümə borc bilirəm ki, xüsusi olaraq ölkə Prezidentinin Müdafiə Nazirliyinin rəhbərliyini təzələməsi ilə Silahlı Qüvvələrin, xüsusilə Müdafiə Nazirliyimizin bütün sahələrdəki fəaliyyəti yüksək səviyyədə quruldu. Bu gün biz ordumuzla  sözün əsl mənasında fəxr etməkdə haqlıyıq. Bu səviyyəyə uyğun olaraq qanun layihəsinin qəbul edilməsi tamamilə məntiqidir. Mən də digər həmkarlarım kimi bu qanunun birinci oxunuşda qəbulunu vacib hesab edirəm və ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi Ziyafət müəllimə söz verək, suallarınızı cavablandırsın.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli həmkarlar!  Əvvəla, mən sizin hamınıza qanun layihəsinin müzakirəsində fəal iştirak etdiyinizə görə təşəkkür edirəm. Burada bir neçə prinsipial məsələ ortaya çıxdı, fikirlər söylənildi, suallar verildi. Mən icazənizlə, onlara aydınlıq gətirmək istəyirəm. Bilavasitə suallara keçməzdən əvvəl mən bir məsələni xüsusi vurğulamaq istəyirəm.
Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə başlayanda mən qeyd etdim ki, bu qanun layihəsi hazırlananda Azərbaycan Respublikasının Konstitusiyası, 2010-cu ildə Milli Məclisdə onun xüsusi qərarı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının hərbi doktrinası, möhtərəm cənab Prezidentin xüsusi fərmanı ilə təsdiq olunmuş Azərbaycan Respublikasının Milli Təhlükəsizlik Konsepsiyası əsas götürülüb. Ona görə də mən hərbi doktrinanın birinci bəndini sizə olduğu kimi oxuyuram: “Azərbaycan Respublikasının Hərbi Doktrinası Azərbaycan  xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən bünövrəsi qoyulmuş Azərbaycan Respublikası milli təhlükəsizliyinin təminatı strategiyasının tərkib hissəsi olaraq insanın, cəmiyyətin və dövlətin hüquq və mənafelərinin daxili və xarici, hərbi və digər təhdidlərdən qorunmasına yönəlmiş hərbi təhlükəsizlik sisteminin konseptual əsasını müəyyənləşdirən sənəddir”. Bu sənəddən çıxış edərək biz bu layihəni hazırlamışıq. İndi konkret suallara gəlirəm.
Burada Qüdrət müəllim 54-cü maddə ilə bağlı iki məsələ qaldırdı. Sözün düzü, mən Qüdrət müəllimin sualını tam tuta bilmədim. Burada ikinci hissədə göstərilir ki, dövlətə qarşı qiyama və dövlət çevrilişinə müstəqil müqavimət göstərmək hər bir Azərbaycan Respublikası vətəndaşının hüququdur. O ki qaldı hərbi qulluqçulara, onların nəinki hüququdur, hətta borcudur, Qüdrət müəllim. Azərbaycanda hakimiyyəti mənimsəmə dövlət cinayətidir. Azərbaycan Respublikası Konstitusiyasının 6-cı maddəsini oxuyuram: “Hakimiyyətin mənimsənilməsi xalqa qarşı ən ağır cinayətdir”. Silahlı Qüvvələrin borcu da ondan ibarətdir ki, belə hallar baş verərsə, onun qarşısını alsın. Bu birinci.
İkinci məsələ burada nəzarət məsələsidir. Əslində, maliyyə nəzarətindən söhbət gedir, Vahid müəllim də dedi, bizim qanun layihəsinin 8-ci maddəsində göstərilir: “8.3. Silahlı Qüvvələrin maliyyələşdirilməsinə ayrılmış vəsait və onun xərclənməsi üzərində nəzarət “Büdcə sistemi haqqında” və “Hesablama Palatası haqqında” Azərbaycan Res publikası qanunları və həmin qanunlara əsasən qəbul edilmiş müvafiq normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada həyata keçirilir. Açıq-aydın, təmiz mətnlə burada göstərilir.
9-cu maddədə əmlak məsələsini Vahid müəllim qaldırdı. Vahid müəllim, bu məsələni haqlı  və məntiqi olaraq qaldırdınız. Mən də Sizə məntiqi cavab verirəm ki, bu məsələ “Özəlləşdirmə haqqında” Qanunda nəzərdə tutulub. “Özəlləşdirmə haqqında” Qanunda birbaşa göstəriş var ki, hərbi obyektlərin özəlləşdirilməsi qəti qadağandır, buna yol verilmir.
Tahir müəllim bir neçə maddə ilə bağlı məsələ qaldırdı. Tahir müəllim, Sizin dediyiniz məsələlər bu qanunun predmeti deyil, qaldırdığınız məsələ haqdır, amma bizim ayrı-ayrı normativ sənədlərdə nəzərdə tutulub. Bu, qanunun predmetinə aid məsələ deyil. Xahiş edirəm, bunu nəzərə alasınız. Sonra, sərhədlərin toxunulmazlığı məsələsi. Əslində, bu, ərazi suverenliyini ehtiva eləsə də, mən hesab edirəm, bu məsələyə qayıtmaq olar, Elman müəllim. Elə bir problem deyil. 
Sonra, burada Zahid müəllim bir neçə məsələ qaldırdı, o məsələləri komitədə müzakirə eləmişik, o məsələlərin əksəriyyəti bu qanunun predmetinə aid  deyil. Sözsüz ki, bu qanun qəbul olunandan sonra, mən çıxışımda dedim, bu qanun çərçivə qanunudur, bu qanundan irəli gələn digər qanunlar da, əsasnamələr də qəbul edilə bilər. Məsələn, “Sərhəd qoşunları haqqında” Qanun var, “Daxili qoşunlar haqqında” Qanun fəaliyyətdədir, onun yeni layihəsini artıq hazırlamışıq və müvafiq qurumlarda o razılaşdırmadan keçir. Əsasnamələr də qəbul olunub.
Burada yeri gəlmişkən, bir məsələ qaldırıldı. “Digər hərbi birləşmələr” deyəndə nə nəzərdə tutulur? Siyavuş müəllim bu məsələyə aydınlıq gətirdi, burada bizim qanunun birinci maddəsində də nəzərdə tutulur. Müvafiq icra hakimiyyəti orqanı, konkret olaraq Azərbaycan Respublikası Prezidenti və Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı möhtərəm cənab Prezidentin xüsusi fərmanı ilə bu qoşunların siyahısı göstəriləcək. Amma bu qoşunlar təxminən sizə aydındır. Söhbət sərhəd qoşunlarından, Fövqəladə Hallar Nazirliyinin tərkibində olan mülki hərbi qoşunlardan, Milli Qvardiyadan, daxili qoşunlardan gedir və burada digər qoşunlar da ola bilər. Yəni bunların hamısı birlikdə dövlətin nəzarətində olan qoşunlardır və bütövlükdə dövlətin Silahlı Qüvvələrini təşkil edir. Əlbəttə, dövlətin Silahlı Qüvvələrinin əsas tərkib hissəsi, sözsüz ki, ordudur. Bu qədər. Başqa sual yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə birinci oxunuşda konseptual münasibət bildirək.

Səsvermənin nəticələri (saat 14.07 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Onu da söyləyim ki, ayın 15-də ikinci oxunuş olacaq. Tənəffüs elan edilir. Tənəffüsdən sonra 2018-ci ilin büdcəsinə baxacağıq.       

(FASİLƏDƏN SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! İclasımıza davam edirik. Biz hökumətə büdcə və büdcə zərfinə daxil olan məsələlərə baxmaq üçün ayın 1-nə kimi vaxt vermişdik, indi bu məsələlərə baxırıq. Birinci məsələmiz Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsidir. Sözü veririk Samir Şərifova, qəbul edilmiş dəyişikliklər haqqında məruzə eləsin.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Söz verdiyinizə görə çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! İlk növbədə bildirmək istərdim ki, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikasının qanun layihəsinə düzəliş edilmişdir. Düzəlişə əsasən 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manata çatdırılır. Yəni 14 manat əlavə edilməklə 12 faiz artırılır. Qeyd olunan artımın tətbiqi möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə ənənəvi olaraq ciddi diqqət və qayğısını bir daha özündə əks etdirir.
2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsinə düzəliş edilməsi ilə bağlı 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsində də müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır. Eyni zamanda, bildirmək istərdim ki, 2018-ci il dövlət büdcəsində xərclər parametrləri üzrə bir sıra digər dəyişikliklərin edilməsi zərurəti də yaranmışdır. Belə ki, ölkə Prezidenti tərəfindən Milli Məclisə təqdim olunan 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi və büdcə zərfinə daxil olan digər sənədlərin müzakirəsi zamanı qaldırılan bir sıra məsələlər möhtərəm Prezidentimiz cənab İlham Əliyevə məruzə olunmuş və onun müvafiq tapşırığına əsasən müzakirənizdə olan sənədlər toplusuna bir sıra düzəlişlərin edilməsi məqsədəuyğun hesab edilmişdir. İstiqamətlər üzrə həmin düzəlişləri diqqətinizə çatdırmaq istərdim.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən eşitmə qüsuru ilə doğulmuş uşaqların müalicəsi, habelə ürək qüsuru ilə doğulmuş uşaqların müalicəsi üçün dövlət büdcəsinə əlavə 4 milyon manat vəsait veriləcək. Hesab edirik ki, həmin məsələnin real maliyyə tutumu, xəstələrin sayı və digər zəruri göstəricilər Səhiyyə və Maliyyə nazirliklərinin iştirakı ilə bir daha dəqiqləşdiriləcək və növbəti ildən həmin xəstələrin müalicəsinə başlanılacaqdır. 2018-ci il dövlət büdcəsinin layihəsində siyasi partiyalar üçün nəzərdə tutulan maliyyə yardımı məbləğinin 20 faiz, yəni 500 min manat artırılaraq 3,1 milyon manata, qeyri-hökumət təşkilatlarında nəzərdə tutulan maliyyə yardımı məbləğinin 600 min manat və yaxud 2017-ci illə müqayisədə 12,1 faiz artırılaraq 5,6 milyon manata çatdırılması təmin olunacaq. Azərbaycan Respublikası Milli Məclisinin 2018-ci il üçün nəzərdə tutulmuş xərclərinin 1 milyon 200 min manat artırılması və bu hesabla Məclisin xarici ezamiyyə, mətbəə, avadanlıq, nəqliyyat vasitələrinin alınması, icarə haqqı və digər xərcləri üçün tam maliyyə təminatının yaradılması nəzərdə tutulur.
Bununla yanaşı, ölkə Prezidentinin müvafiq tapşırığı əsasında bir sıra təşkilatların büdcələri üzrə xərclərin artırılması üçün, o cümlədən möhtərəm Prezidentimizin müvafiq sərəncamına əsasən Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii heyətinə aid olan işçilərin aylıq vəzifə maaşlarına Prezident əlavəsinin tətbiq edilməsi ilə bağlı xərclər, Azərbaycan Respublikası Energetika Nazirliyinin və Polşada açılacaq ticarət nümayəndəliyinin fəaliyyəti ilə əlaqədar bəzi xərclərin tənzimlənməsi üçün əlavə vəsait ayrılacaqdır. Eyni zamanda, Bakı şəhərində sahibsiz heyvanların idarə olunması probleminin həlli üçün də əlavə vəsaitin ayrılması nəzərdə tutulur. Bu məqsədlə dövlət büdcəsinə əlavə 3,8 milyon manat vəsait ayrılması nəzərdə tutulur. Təhsil bölməsində Təhsil Nazirliyinin “sair xərclər” maddəsində nəzərdə tutulmuş vəsaitin 46 milyon manatının təyinatı dəyişdirilərək “tələbələrə verilən təqaüdlər” xərc maddəsinə yönəldiləcəkdir. Beləliklə, 2018-ci il üçün həmin maddə üzrə xərclər 70 milyon manata çatdırılacaqdır ki, bu da cari illə müqayisədə 11,3 milyon manat və yaxud 19,3 faiz çoxdur. Hesab edirik ki, bu da büdcənin müzakirəsi zamanı tələbələrə verilən təqaüdlərlə bağlı yaranmış anlaşılmazlığı tam aradan qaldırır.
Təqdim olunmuş qanun layihəsinə “xarici dövlət borclanması limiti” ilə bağlı da düzəlişin edilməsi zərurəti yaranmışdır. Belə ki, cari il ərzində bir sıra zəruri layihələr üzrə beynəlxalq maliyyə institutlarından ölkə iqtisadiyyatına kreditlərin cəlb olunması ilə bağlı “Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında” Qanunla 4,5 milyard manat məbləğində xarici dövlət borclanmasının yuxarı həddi təsdiq olunmuşdu. Lakin cari ildə müəyyən səbəblərə görə, əsasən də beynəlxalq maliyyə qurumları ilə aparılan danışıqların ehtimal olunduğundan daha uzun zaman tələb etməklə bu günədək davam etməsi ilə əlaqədar müvafiq kredit sazişlərinin imzalanması mümkün olmamışdır. Nəticədə limitdən 1 milyard 150 milyon manatdan az istifadə olunması gözlənilir. Həmin layihələrin ölkə üçün prioritetliyini nəzərə alaraq xarici borclanma limiti üzrə cari ildə istifadə olunmamış 1 milyard 150 milyon manat qalığın 2018-ci ilə keçirilməsi və limit üçün müəyyən olunmuş ilkin proqnozun yuxarı həddinin artırılaraq 2 milyard 150 milyon manata çatdırılması  təklif olunur. Eyni zamanda, qeyd olunmalıdır ki, bu artım da nəzərə alınmaqla dövlət borclanmasının yuxarı həddi üzrə göstərici 2017-ci illə müqayisədə 2 milyard 650 milyon manat və yaxud 48 faiz azdır. Ediləcək dəyişikliklər nəticəsində dövlət büdcəsinin xərcləri ilkin proqnoza nisbətən 141,3 milyon manat artırılaraq 21 milyard 47 milyon manata çatdırılacaqdır. Bununla əlaqədar dövlət büdcəsinin kəsiri ilkin proqnoza nisbətən müvafiq olaraq 141,3 milyon manat artırılır və 920 milyon manata çatdırılır. Bu da cari illə müqayisədə 251 milyon manat və yaxud 21,7 faiz yenə də azdır. Bu zaman büdcə kəsiri ümumi daxili məhsulun 1,3 faizinə bərabər olmaqla cari illə müqayisədə 0,4 faiz-bənd azalacaqdır.
Əhəmiyyət kəsb edən digər düzəlişlər icmal büdcənin parametrləri ilə bağlıdır. Dövlət Neft Fondunun xərclərinin 1 milyard 879 milyon manatadək azaldılması, gəlirlərinin isə 883 milyon manat  artırılması hesabına icmal büdcədə də müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Bunu nəzərə almaqla 2018-ci il icmal büdcənin gəlirləri ilkin proqnoza nisbətən 883 milyon manat, cari illə müqayisədə 1 milyard 29 milyon manat çox, xərcləri isə ilkin proqnoza nisbətən 1 milyard 737 milyon manat və cari illə müqayisədə 5 milyard 633 milyon manat az proqnozlaşdırılır. İcmal büdcənin kəsiri 831 milyon manat məbləğində nəzərdə tutulur ki, bu da cari il üçün təsdiq olunmuş büdcə kəsiri ilə müqayisədə 6 milyard 761 milyon manat və 89 faiz az deməkdir. Lakin  məlumat verdiyim kimi, 9 ayın icrası göstərir ki, biz artıq icmal büdcədə profisitə nail olmuşuq. İcmal büdcənin kəsiri ümumi daxili məhsulun 1,2 faizi səviyyəsində proqnozlaşdırılır.
Yeri gəlmişkən, qeyd etmək istərdim ki, dövlət büdcəsinə edilən artımlar Naxçıvan Muxtar Respublikasının büdcəsində də artımların tətbiqinə gətirib çıxaracaq. Həmin məqsəd üçün tələb olunan əlavə vəsait, əsasən, dövlət büdcəsinin mərkəzləşdirilmiş xərclərindən muxtar respublikanın büdcəsinə nəzərdə tutulan dotasiyanın artımı hesabına təmin ediləcəkdir. Yekunda qeyd etmək istəyirəm ki, Milli Məclis və hökumət arasında yaranmış ənənəyə, formalaşmış qarşılıqlı və səmərəli iş birliyinə müvafiq olaraq 2018-ci il dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı hörmətli millət vəkilləri tərəfindən irəli sürülən və bugünkü müzakirədə nəzərə alınmamış təklif və tövsiyələr hökumətin diqqətində saxlanılmaqla ətraflı təhlil olunacaq. Qəbul edildiyi təqdirdə onlara mərhələli qaydada növbəti ortamüddətli büdcə çərçivəsində və daha sonrakı dövrlərdə dövlət və icmal büdcələrində baxılması və nəzərə alınması üçün tədbirlər görüləcək.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyevin tapşırığına uyğun olaraq 2018-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə ediləcək bugünkü düzəlişlər də nəzərə alınmaqla sizi qanun layihəsinin qəbul edilməsinə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Mən də öz adımızdan Prezidentimiz başda olmaqla hökumətə Milli Məclisin suallarına belə ətraflı diqqət yetirdiyinə görə dərin minnətdarlığımızı bildirirəm. Əgər icazə verirsinizsə, bir-bir səs verək. Samir müəllim həm öz əvəzindən, həm də Səlim müəllimin adından çıxış elədi, bütün məsələləri dedi. Etiraz yoxdur ki? 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında qanun layihəsi. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi
Çox sağ olun, 2018-ci il dövlət büdcəsi qəbul edildi.
Növbəti məsələ Sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ İşsizlikdən sığorta fondunun 2018-ci il büdcəsi haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.15 dəq.)
Lehinə 96
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının 2018-ci il üçün yaşayış minimumu haqqında qanun layihəsidir. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.16 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının 2018-ci il üçün ehtiyac meyarının həddi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 95
Əleyhinə 4
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikası  Milli Məclisinin 2018-ci il üçün xərclər smetası haqqında qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 16.17 dəq.)
Lehinə 101
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 102
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nəhayət, Azərbaycan Respublikası Hesablama Palatasının 2018-ci il üçün  xərclər smetası haqqında qanun layihəsinə münasibət bildirək. 
Səsvermənin nəticələri (saat 16.18 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Ümumilikdə həm 2018-ci il dövlət büdcəsinə, həm də büdcə zərfinə daxil olan sənədlərə münasibət bildirdik, qəbul elədik. Hökumətə öz minnətdarlığımızı bildiririk, uğurlar arzulayırıq. Çox sağ olun.  

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Hörmətli deputatlar, iclasımız davam edir. Növbəti məsələ “Pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Sağ olun, hörmətli Ziyafət müəllim. Ziyafət müəllim, bir neçə layihə bir paketlə daxil olub. “Pasportlar haqqında”, “Vətəndaşın şəxsiyyət vəsiqəsi haqqında”, “Dövlət rüsumu haqqında”, bir də “İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər edilməsi haqqında”.  Mahiyyəti isə “Dövlət rüsumu haqqında” Qanuna edilən dəyişiklikdir. Dəyişikliyin isə meydana gəlmə səbəbi ondan ibarətdir ki, bilirik, bizim qanunvericilikdə  “Pasportlar haqqında” Qanunda pasporta yalan məlumatlar daxil edilərsə, oğurlanarsa, saxtalaşdırılarsa, ümumiyyətlə, bir sıra hallar var ki, o məsuliyyətə gətirib çıxarır. O cümlədən inzibati məsuliyyətə. Amma  pasportun itirilməsi və qəsdən korlanması,  bundan sonra onun dəyişdirilməsi məsələsi məsuliyyətə gətirib çıxarmamalıdır. Çünki pasport, misal üçün, itirilibsə, vətəndaş onun rüsumunu ödəyib yenidən pasport əldə edə bilər. Bu o hal deyil ki, buna görə cəza olsun. Qanunvericilik təşəbbüsünün subyekti çox düzgün edərək  bu təklifi verib.
Eyni zamanda, “Dövlət rüsumu haqqında” Qanuna da bu təklif verilib. Bu, Ziyad müəllimin məruzəsindədir. Təklif də ondan ibarətdir ki, pasport itirildikdə, ya qəsdən korlandıqda, yenidən alınarkən hansı məbləğdə rüsum ödəmək lazımdır. Siyahıya baxsanız, görərsiniz ki, rüsum məbləği çox da yüksək məbləğ deyil, amma kim bir gün ərzində əldə eləmək istəyirsə, orada bir qədər yüksək məbləğdir. Bilirsiniz ki, zamanında bu mexanizmi yaratmışıq. Bu baxımdan hesab edirəm ki,  həm “Pasportlar haqqında”, həm “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” qanunlara, həm də İnzibati Xətalar Məcəlləsinə edilən dəyişikliklərin mahiyyəti tamamilə oxşardır. Layihə mütərəqqi layihədir, qəbul olunmasını xahiş edirəm.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Araz Əlizadə.
A.Əlizadə. Sağ olun, Ziyafət müəllim. Mən pasportlarla əlaqədar bir şeyi demək istəyirəm. Bizim pasportlarda ingilis dilində  soyadlarımız düzgün yazılmır. Məsələn, Əlizadə  “Alizada” olmamalıdır.  “Alizadeh”, axırda “e” olmalıdır, “h” olmalıdır. Mən müraciət elədim, dedilər, bunu Kanadada ilk dəfə kimsə eləyib. Biz soyadlarımızı niyə eybəcərləşdiririk? Bizdə nə vaxt “Mamadov” olub, “Mamadzada” olub. Xahiş edirəm, bunu nəzərə alaq, müəyyən tədbir görək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Başqa çıxış eləmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur. Onda xahiş edirəm, “Pasportlar haqqında” Qanunda dəyişikliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsinə münasibət bildirək.                 

Səsvermənin nəticələri (saat 16.22 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 16.23 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Nəhayət, bugünkü gündəliyimizin sonuncu iki məsələsi Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında və Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihələridir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Bilirsiniz ki, bir müddət öncə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı cənab Prezidentin fevral ayında imzaladığı sərəncamın icrası məqsədi ilə Cinayət Məcəlləsində çox əhəmiyyətli dəyişikliklər etdik və o zaman da söylədik ki, bu dəyişikliklərin tətbiqi ilə bağlı Cinayət-Prosessual Məcəlləsində, Cəzaların İcrası Məcəlləsində dəyişikliklər nəzərdə tutulacaq. Bax, indi sizin müzakirənizə təqdim olunmuş bu iki qanun layihəsi həmin o Cinayət Məcəlləsinin tətbiqi ilə bağlı olan sənəddir. Qeyd etməliyəm ki, müzakirələr zamanı belə bir fikir səslənmişdi ki, cinayət işləri ilə bağlı həbs növündə olan qətimkan tədbiri, təəssüf ki, üstünlük təşkil edir. Hazırda təklif olunan Cinayət-Prosessual Məcəlləsinin 151.5-ci maddəsinə əsasən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi nəzərdə tutulsa da, yalnız layihəyə əsasən məhkəmə tərəfindən ev dustaqlığı qətimkan tədbirinin təyin edilməsi imkanları da nəzərdə tutulur.
Vacib məsələlərdən biri ondan ibarətdir ki, ümumiyyətlə, həbs qətimkan tədbirinin tətbiq olunduğu şəxslərin dairəsi məhdudlaşdırılır. Hazırda iki ildən artıq müddətə azadlıqdan məhrumetmə növündə cəza təyin edilə bilən cinayətlərin törədilməsində ittiham olunan şəxslərə hər bir halda həbs təyin oluna bilirdisə, indi həmin halların məhdudlaşdırılması nəzərdə tutulur. Eyni zamanda, bilirsiniz ki, təcrübədə girovun tətbiqi, təəssüf ki, çox müstəsna hallarda olub. Düzü, indi statistikasını səsləndirmək istəmirəm. Amma bu, demək olar ki, tətbiq olunmurdu. Təklif olunur ki, ev dustaqlığı və girov, ümumiyyətlə, həbs qətimkan tədbirinə alternativ bir tədbir kimi deyil, həm də müstəqil bir qətimkan tədbiri kimi seçilsin. Bu çox mütərəqqi bir haldır və hesab edirik ki, bu qanunun qəbulu, ümumiyyətlə, Azərbaycanda cinayət təqibi sahəsində tamamilə yeni bir hallara, yəni pozitiv və humanist hallara gətirib çıxaracaqdır.
Layihədə həbs qətimkan tədbirinin tətbiqi hallarını məhdudlaşdırmaq məqsədi ilə həbsdə saxlama müddətinin təkrarən uzadılması qaydaları da mürəkkəbləşdirilib. Bilirsiniz ki, bir sıra hallarda həbs qətimkan tədbiri seçilir, amma onun yenidən uzadılması üçün bir sıra əsaslandırmalar lazımdır. Amma təəssüf olsun ki, təcrübədə bəzən, misal üçün, həbs qətimkan tədbiri seçilir və bu müddət ərzində hansısa  istintaq hərəkətləri həyata keçirilmir. Amma zaman gəlir, deyək ki, o iki ay müddəti bitir. Yenidən həbs qətimkan tədbiri uzadılır. Bu baxımdan indiki layihədə həbs qətimkan tədbirinin, həbsdə saxlamanın müddətinin təkrarən uzadılması mexanizmi kifayət qədər mürəkkəbləşdirilib və bunun mümkün halları konkret  göstərilib. Cəzaların İcrası Məcəlləsi, təbii ki, Cinayət-Prosessual Məcəlləsi ilə üzvi surətdə bağlıdır. Belə ki, Məcəlləyə uyğun olaraq barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş şəxslərə elektron nəzarət vasitələrinin tətbiq edilməsi məqsədi ilə Məcəlləyə yeni 156-1-ci maddə əlavə olunur. Həmin maddədə elektron nəzarət vasitələrinin tətbiqi üzrə müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətləri, elektron nəzarət vasitəsi tətbiq edilmiş şəxslərin vəzifələri və məsuliyyəti göstərilir.
Həmçinin Cinayət Məcəlləsində narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə ilə bağlı, bilirsiniz ki, xüsusi normalar mövcuddur. Nəhayət, ən vacib məsələlərdən biri layihədə öz əksini tapmış keçid müddəalarıdır. Çünki qeyd etdik ki, ev dustaqlığı qətimkan tədbiri yeni elektron üsulların tətbiqi ilə bağlı olacaq. Ona müəyyən bir vaxt lazımdır. Amma cənab Prezidentin fevral ayındakı müvafiq sərəncamından  sonra həm Nazirlər Kabineti, həm Ədliyyə Nazirliyi, xüsusən də Penitensiar Xidmət o sərəncamdan irəli gələn bütün təşkilati işləri  görməyə başlayıb.
Bununla yanaşı, keçid müddəaları çox vacibdir və o müddəalarda təklif olunur ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minəcək. Amma ev dustaqlığı qətimkan tədbiri ilə bağlı olan müddəalar, yəni qanunun o hissəsi müvafiq icra hakimiyyəti orqanı, yəni deyək ki, Nazirlər Kabineti tərəfindən tətbiq edilən elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları olandan sonra qüvvəyə minəcək, çünki o qaydalar təsdiq olunmalıdır. İkinci hissəsi isə narkomaniya xəstəliyi ilə əlaqədar olaraq tibbi xarakterli məcburi tədbirləri həyata keçirən tibbi müəssisənin fəaliyyətə başladığı gündən qüvvəyə minəcək. Bunu isə Səhiyyə Nazirliyi ilə Daxili İşlər Nazirliyi həll edəcək. Yəni qanunun bu iki müddəasının qüvvəyə minməsi ilə bağlı keçid müddəaları var. Amma digər bütün müddəalar, təbii ki, qanunun dərc edildiyi gündən qüvvəyə minəcək.
Hörmətli həmkarlar, bu layihə bizim komitədə layihənin hazırlanmasında iştirak etmiş işçi qrupunun, yəni Ali Məhkəmənin, Ədliyyə  Nazirliyinin, Baş Prokurorluğun, bütün hüquq mühafizə orqanlarının nümayəndələri ilə geniş müzakirə olunmuşdur və ümumi fikir ondan ibarətdir ki, cənab Prezidentin müvafiq sərəncamının icrası ilə bağlı gələcəkdə də həm Cinayət Məcəlləsinin, həm də prosessual qanunvericiliyin  yenə də təkmilləşdirilməsi, humanistləşdirilməsi ilə bağlı addımlar atılmalıdır. Hesab edirik ki, indiki mərhələdə bu, kifayət qədər mütərəqqi bir məsələdir. Amma bu, əlbəttə ki, son deyil. Hörmətli həmkarlardan bu çox vacib layihəyə səs vermələrini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Qanun layihələrinin müzakirəsinə başlayırıq. Əli müəllim, onda biz müzakirəni hər iki qanun layihəsi üzrə aparaq, səsverməni ayrı-ayrılıqda edərik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Oldu. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Biz bu gün penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi və cəza siyasətinin humanistləşdirilməsi yönündə yeni mühüm addım atmaqdayıq. Mən bu dəyişiklikləri dəstəkləyirəm, lakin bir neçə sualım var. Bu, əsasən, narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilmə məsələsi və həmin şəxsə qarşı tibbi xarakterli məcburi tədbirlərin tətbiqi ilə bağlıdır. Başa düşdüyüm qədər bütün hüquqi prosedurlar qurtardıqdan və şəxsin narkomaniya xəstəliyinə düçar olması təsdiq olunduqdan sonra onun əməlində başqa cinayət əməli olmadıqda bu şəxs məhkəmənin qərarı ilə müvafiq icra hakimiyyəti orqanının tibbi müəssisəsinə göndərilir. Bununla bağlı iki sual ortaya çıxır.
Məlumdur ki, hər il istintaq orqanları narkomaniyaya düçar olmuş yüzlərlə insanı cinayət məsuliyyətinə cəlb edir. İndi, bu dəyişiklikdən sonra onlar cəzaçəkmə müəssisələrinə deyil, tibbi müəssisələrə göndəriləcəklər. Amma mənim bildiyimə görə, belə müəssisələr Azərbaycanda çox azdır və onlar  hazırda  belə xəstələri çətinliklə qəbul edirlər. Ona görə  narkomaniyadan əziyyət çəkən bu qədər şəxsi qəbul etməyə imkanları olacaqmı? Bu cür xəstələr ancaq Səhiyyə Nazirliyinin müəssisələrində yerləşdiriləcək, yoxsa bu işə Penitensiar Xidmətin öz tibbi müəssisələri də cəlb olunacaq? Burada ikinci sual da doğur. İkinci sual ondan ibarətdir ki, bu insanlar müalicə zamanı mütləq xəstəxanalarda, yəni ciddi, qapalı rejimdə olmalıdırlar, yoxsa respublikada mövcud olan narkodispanserdə, sadəcə, uçota götürülub evdə ola-ola müalicə oluna bilərlər? Bu ciddi məsələdir, çünki məcburi tibbi tədbirlər və xüsusi təyinatlı tibbi müəssisələrə yerləşdirilmə yenə də azadlığın məhdudlaşdırılmasının bir növüdür.
Məncə, bu tip xəstələri mütləq kateqoriyaya bölmək lazımdır. Ayırd etmək lazımdır ki, hansılarını məhkəmələr azadlığa buraxa bilərlər və onlar ancaq narkodispanserdə uçota dayanmalıdırlar, digər kateqoriya isə, yəni daha ağır və təhlükəli xəstələr mütləq müvafiq tibbi müəssisəyə göndərilməlidir. Söhbət ondan gedir ki, elə insanlar var, kiminsə təsiri altında bir-iki dəfə bu zəhərdən istifadə ediblər, amma stajlı narkoman deyillər, təhlükəli deyillər və onları tibbi müəssisə də olsa, cəmiyyətdən  təcrid etmək düzgün deyil. Onlar narkoloji dispanserdə qeydiyyata alınmaq şərti ilə ailələri ilə yaşayaraq öz işlərini, təhsillərini və digər fəaliyyətlərini davam etdirə bilərlər. Xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz. Ümumiyyətlə isə, bu qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Aydındır. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Sağ olun, Ziyafət müəllim. Doğrudan da, hesab edirəm ki, qanun layihəsinin üzərində, əlbəttə, ciddi iş gedib. Layihəni hazırlayanlara öz təşəkkürümü bildirirəm. Bu, bizim komitədə də geniş müzakirə olundu və mən orada müəyyən təkliflər səsləndirdim. Əlbəttə, biz istəyərdik ki, xüsusilə girov müqabilində insanların azadlığa buraxılması, yəni ibtidai istintaq dövründə onların barəsində həbs qətimkan tədbirinin seçilməməsi məsələsi daha da dərinləşdirilsin. Hörmətli Əli müəllim söylədi ki, bizdə çox nadir hallarda girov müqabilində şəxslər azadlığa buraxılıb. Şəxsən mən xatırlamıram, eşitməmişəm ki, belə bir hal olsun. Amma nəhayət ki, bu institut tətbiq olunmalıdır.
Mən ilk olaraq Cinayət-Prosessual Məcəlləsinin 87-ci maddəsi ilə bağlı öz fikrimi bildirmək istəyirəm. Mən ölmüş zərərçəkmiş şəxs məsələsi ilə əlaqədar olaraq komitənin də iclasında demişdim, orada da bu, müəyyən mübahisəyə səbəb oldu. Mən bir daha bu məsələyə qayıtmaq istəyirəm ki, ölmüş şəxs zərərçəkmiş şəxs ola bilməz. Yəni 87-ci maddənin dördüncü hissəsində qeyd olunur ki, cinayət nəticəsində  zərərçəkmiş şəxs ölmüşsə, zərərçəkmiş şəxs kimi onun yaxın qohumları hüquqi varisi tanınır. Yəni 87-ci maddənin dördüncü hissəsində bu, açıq yazılır. Ona görə də 106-cı maddədə də ölmüş zərərçəkmiş şəxsin hüquqi varisindən söhbət gedir. Mən hesab edirəm ki, artıq ölmüş zərərçəkmiş şəxsin deyil, cinayət nəticəsində ölmüş şəxsin hüquqi varisindən söhbət getməlidir. Yəni burada bu normalar bir-birinə uyğunlaşdırılmalıdır.
Başqa bir məsələ budur ki, Ziyafət müəllim, bizdə qanunvericiliyə görə girov müqabilində insanların azad olunması var. Bu girov kimlərə tətbiq olunur? Girov böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslərə, bir də az ağır cinayət törətmiş şəxslərə tətbiq olunur. Ağır cinayət törətmiş şəxslərdən isə yalnız ehtiyatsızlıqdan ağır hesab olunan cinayətlərə görə girov tətbiq olunur. Demək, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə 5000 manat, az ağır cinayətlərə görə isə 10000 manat girov nəzərdə tutulur. Mən komitənin iclasında da söylədim ki, bu, əslində, bütün cinayətlərə şamil olunmalıdır. Yəni burada ağır və xüsusilə ağır cinayət törətmiş şəxslər də girov müqabilində azad oluna bilərlər. Yəni bu məhdudiyyət aradan qaldırılmalıdır. Burada əsas diqqət cinayətkarın şəxsiyyətinə yetirilməlidir. Əgər həmin şəxs yenidən cinayət törədərsə, yaxud istintaqdan qaçıb gizlənərsə, xüsusilə ağır cinayət törədərsə, bu halda, sözsüz ki, girov tətbiq olunmur. Məsələn, dünya təcrübəsində bu qayda belədir. Bəzi ölkələrdə, məsələn, Amerika Birləşmiş Ştatlarının  bəzi ştatlarında yalnız ölüm cəzası təyin oluna bilən cinayətlərə, bir də ömürlük azadlıqdan məhrumetmə növündə cəza təyin oluna bilən cinayətlərə girov müqabilində azadlığa buraxılma tətbiq olunmur. Sözsüz ki, başqa hallarda da o cinayətkarın şəxsiyyəti mütləq nəzərə alınır. Əgər ağır cinayət törədibsə,  istintaqdan qaçıb gizlənibsə, yaxud başqa cinayət də törədibsə, o halda girov tətbiq olunmur.
Amma bizdə indi necədir? 159-cu maddədə deyirik ki, 2 ildən artıq cəza təyin olunan şəxs əgər istintaqdan qaçıb gizlənirsə, onda girov müqabilində onu azadlığa buraxmaq olmaz. Bu halda istənilən adama demək olar ki, o, istintaqdan yayınacaq və buna görə də onun barəsində girov tətbiq olunmaya bilər. Bunun üçün girovun, sadəcə olaraq, məbləğini artırmaq lazımdır. İnsan böyük məbləğdə girov qoyursa, tutaq ki, 50 min, 100 min, yaxud əmlakını girov qoyursa, o halda o niyə qaçıb gizlənməlidir. O bilir ki, böyük ictimai təhlükə törədən cinayət törətməyib. O, alternativ sanksiyalı normaya görə  cinayət məsuliyyətinə cəlb olunur, ona hətta azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza təyin oluna bilər. Belə olduğu halda böyük miqdarda  girov qoyubsa, o niyə qaçmalıdır? Onun üçün mən belə hesab edirəm ki, ümumiyyətlə, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlərə görə girov müqabilində biz onları azad etməliyik. Bir halda onu etməməliyik ki, bu şəxs yenidən cinayət törədə bilər. 
Bir də, mən bizim komitənin iclasında yenə də bu məsələni qaldırdım, burada cəmi iki kateqoriya fərqləndirildi. Böyük ictimai təhlükə törətməyən cinayətlər, bir də az ağır cinayətlər. İki girov məbləği müəyyənləşdirilib. 5000 manat, 10000 manat. Mən düşünürəm ki, biz ayrıca bir siyahı formasında hər bir cinayət üzrə Cinayət-Prosessual Məcəlləsinə onu əlavə edə bilərik. Hər bir cinayət üzrə ayrı-ayrılıqda o girovun məbləğini müəyyənləşdirə bilərik. Bu daha doğru yanaşma ola bilər. Bir də, bu girov tətbiqi zamanı bizdə elektron nəzarət mexanizminin tətbiqi nəzərdə tutulmayıb. Xarici ölkələrdə bəzən girov müqabilində azad olunur. Amma eyni zamanda, elektron nəzarət də tətbiq olunur, yəni ona  müəyyən qolbaq taxılır. Ona müəyyən müddətdə evdən bayıra çıxmaq,  kütləvi tədbirlərdə iştirak etmək qadağan olunur və sair. Yəni inkişaf etmiş ölkələrin bu girovla bağlı təcrübəsi var. Düşünürəm ki,  bu institutu dərindən öyrənib, Azərbaycanda tətbiq etmək lazımdır.
Bir də, sonda 159-cu maddə ilə bağlı demək istəyirəm. Burada söhbət nədən gedir? Bu, ibtidai həbs müddətinin artırılması ilə bağlıdır. Mən düşünürəm ki, məsələn, böyük ictimai təhlükə törətməyən cinayətlərə görə ibtidai həbs müddəti iki aydır. Bu halda belə ibtidai həbs müddətinin bir ay müddətinə artırılmasına icazə verilir və əgər burada qeyd olunursa ki,  işin mürəkkəbliyi ilə bağlı, bu, hətta iki ay müddətinə də artırıla bilər. Böyük ictimai təhlükə törətməyən cinayətdə hansı işin xüsusi mürəkkəbliyindən söhbət gedə bilər? Yəni burada çox epizodlu işlərdən söhbət getmir, yəni maliyyə işləri deyil, adam öldürmə deyil və sair.  Ona görə də komitənin iclasında da söylənildi, bizdə elə bir hal yoxdur ki,  ibtidai istintaq müddəti, həbsdə saxlama müddəti artırılmasın, demək olar, artırılır. Əlbəttə, hörmətli Çingiz müəllim söylədi ki, bu, müstəntiqlərin sayının azlığı ilə bağlıdır, mən də bununla razıyam, xüsusilə də daxili işlər orqanlarında müstəntiqlərin sayı azdır. Biz bu barədə də düşünməliyik. Bir müstəntiqin icraatında eyni vaxtda bəzən 10–14 cinayət işinin istintaqı aparılır. Ona görə bunun da üzərində fikirləşmək lazımdır. Hələ bilinmir ki, məhkəmə bu azadlıqdan məhrumetmə növünə cəza təyin edəcək, yoxsa başqa cəza təyin edəcək. Belə olduğu halda onu ibtidai həbsdə saxlamağın nə mənası var? Buna görə də  qeyd etdiyim məsələləri, düşünürəm ki,  nəzərə almalıyıq. Amma ümumiyyətlə, mən layihəyə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Adil müəllim, sualınız var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
A.Əliyev. Çox təşəkkür edirəm, Ziyafət müəllim. Bilirsiniz,  bu qanun layihəsi ilə  haradasa bir əlaqəsi olduğu üçün mən bu sualı vermək istəyirəm. Bu gün belə bir ənənə yaranıb. Nazirliklərdən və təşkilatlardan asılı olmayaraq barəsində heç bir cinayət işi,  heç bir material olmadan hər hansı bir  məlumata görə keçid məntəqələrində vətəndaşlar qarşısında “stop”lar qoyulur. İstintaq idarələri olan nazirliklərin, demək olar ki,  hamısında bu “stop”lar qoyulur. Sonra da insanı qanunsuz olaraq azadlıqdan məhrum edirlər. Mən, sadəcə, soruşmaq istəyirəm, bu nə dərəcədə doğrudur ki, insanı gətirəsiniz, qanunsuz saxlayasınız, barəsində cinayət materialları olmadan, məhkəmənin qərarı olmadan sorğu-sual edəsiniz. Ondan sonra da insana dəymiş maddi-mənəvi ziyanı ödəmədən sərbəst buraxırlar. Bu gün bizim vətəndaşlarımız Rusiyadan, xaricdən gəlirlər, gedirlər, onların bu “stop”lar barəsində heç bir məlumatları yoxdur, ancaq saxlanılırlar. Buna kim məsuliyyət daşıyır? Bu nə dərəcədə doğrudur ki,  bu insanlara  əziyyət verilir.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Əli müəllimin qeyd elədiyi kimi, biz çox əhəmiyyətli, çox mühüm bir hüquqi sənədi müzakirə edirik və bundan öncə də biz Cinayət Məcəlləsində oxşar dəyişikliklər aparmışdıq. Bu da başadüşüləndir. Çünki birinci növbədə cəmiyyətdə ictimai xarakter dəyişir. Əli müəllim haqlı olaraq bunu qeyd elədi. 1990-cı illərdə fərqli bir vəziyyət hökm sürürdü. Cinayətlərin də xarakteri ayrı idi. Əksər hallarda dövlət əleyhinə cinayətlər üstünlük təşkil eləməkdə idi. Amma istəyirəm ki, bir sualı burada səsləndirəm. Mən xatırlayıram, Cinayət Məcəlləsində dəyişikliklər zamanı Ali Məhkəmənin kollegiya rəhbəri iştirak edirdi və o, müxtəlif paralellər apardı, ayrı-ayrı statistikalar səsləndirdi. Belə bir ümumi əlçatan informasiya vasitələrində Cinayət Məcəlləsinin daha çox hansı maddəsi, belə demək mümkündürsə, “döyülən” maddədir? Daha çox hansı maddəsi ilə insanlar həbs olunur? Bununla biz müəyyənləşdirək ki, hüquq sistemində hansı sahədə tənzimləmələr aparılmalıdır. Varmı belə bir statistika? Açığı, deyim ki, mən internet resurslarında buna rast gəlmədim. Əlbəttə, biz etiraf eləməliyik, bu dövr ərzində bu yöndə çox böyük dəyişikliklər olub. Amma indi ola bilər ki, mülkiyyət əleyhinə cinayətlər, iqtisadi xarakterli cinayətlər, korrupsiya cinayətləri və sair üstünlük təşkil eləməkdədir. Mənim deməyim ondan ibarətdir ki, humanistləşdirmə qərarını biz həmin statistikaya söykənərək aldığımız təqdirdə daha yaxşı iş görmüş olardıq.
Amma toxunmaq istədiyim, əsasən, iki maddə ətrafındakı problemlərdir.  163-cü maddə ev dustaqlığı ilə bağlı məsələni tənzimləyir. Hörmətli Əli müəllim, ola bilsin ki, komitə səviyyəsində müzakirələr zamanı buna toxunulubdur. Bu, daimi yaşayış yeri olanlara tətbiq olunur. Başadüşüləndir. Çünki o məlum cəza bilərziyi onun qoluna vurulacaq. Bu da onun konkret yaşayış yerinin olmağını tələb edir, onun üçün ayrılan şəxs var. Yəni probasiya institutunun nümayəndəsi daim bunu yoxlayacaq və sair. Daimi yaşayış yeri anlayışı. Azərbaycanda, bilmirəm, gözəyarı rəqəmdir, 30 faiz, bəlkə də 40 faiz insan qeydiyyatda olduğu yerdə yaşamır, onun daimi yaşayış yeri fərqlidir. Bu o demək deyil ki, onun faktiki yaşayış yeri elə daimi yaşayış yeri kimi qəbul olunacaq və o, cinayət törədibsə, bu halda həmin müddəa ona tətbiq oluna biləcək.
Başqa bir məsələ. Mən baxdım ki, beynəlxalq təcrübədə probasiya sistemi tətbiq olunanda, yaranan ən böyük problem həmin şəxsin gəlib onunla bağlı müəyyənləşdirilmiş məhdudiyyətə nəzarət eləməsidir. Məsələn, kompüter yazışmaları, digər elektron sistemlər ilə əlaqələr və sair. O cümlədən maliyyə əlaqələri. Hansı səlahiyyətləri var? Bu probasiya ilə bağlı sənəd var. Ondan da  geniş yeni hüquqi akt mövcud deyil. O, hər bir şeyi yoxlaya bilər. Bütün yoxlama institutu onlara order vasitəsilə  verilir? Mən istəyirəm, bunu özüm üçün aydınlaşdıram. Beynəlxalq aləmdə təcrübədə özünü göstərən hal bundan ibarətdir ki, azgəlirli insanlar, eyni zamanda, cəza bilərziyi ilə azadlıqda qalırlar. Bunların aztəminatlı hissəsi üçün daha yüngül fərqli modellər seçilibdir ki, onlar hər hansı bir ərazidə konkret iş yerinə malik ola bilsinlər və gəlir əldə eləsinlər. Əgər ailədə təkcə gəlir gətirən odursa, daha bu, evə qapılmasın, dörd divarın içərisində qalmasın. Buna toxunmaq istəyirdim.
İkinci, hörmətli həmkarım Qüdrət Həsənquliyev girovla bağlı çox əhəmiyyətli problemlərə toxundu. Gerçəkdən Əli müəllim haqlı olaraq qeyd elədi ki, hüquq sisteminə bu illər ərzində yaxından bələd olan və Məhkəmə-Hüquq Şurasının çox hörmətli üzvlərindən biri olan bir insan kimi girov müqabilində ibtidai istintaq dövründə azadlıqda olan şəxs hadisəsini biz xatırlamırıq. Bu çox təəssüf doğurur. Halbuki bu,  insanlara inamsızlıqla, ibtidai istintaqdan qaçıb gizlənəcəyi haqqında məsələ ilə bağlı deyil. Təcrübə belə formalaşıb, hamı da kütləvi olaraq bunu belə tətbiq edir. Əvvəla, burada deyildiyi kimi, böyük ictimai təhlükə törətməyən və az ağır cinayətlər, bu dairə həddən artıq məhduddur. Mən bilmirəm, bizim cəmiyyət hansı bir hala gəlib çatmalıdır ki, biz bu girov məsələsində daha geniş dairəni seçək. Həqiqətən də, burada deyildiyi kimi, o müddəanı biz cəmiyyət üçün böyük təhlükə törətməyən insanlara tətbiq edəndə birinci növbədə dövlətə xeyir veririk. Həm də vətəndaşa olan inamı göstəririk.
Ötən dəfə burada deyildi, bir şəxsin məhbəsdə qalmasının bir günü 21 manata başa gəlir. Aylıq bu, 630 manatdır, illik 7560 manatdır. Bu halda biz dövləti bu yükdən azad eləmiş olarıq. Bəlkə də bu şəxs heç istintaqın sonunda o cəzaya layiq görülməyəcək. Ona görə də mən girov qoyulmanın maddələrinin dairəsinin genişləndirilməsini təklif edirəm. Bir yerdə qeyd olunub ki, vurduğu iqtisadi ziyana adekvat müəyyənləşəcək. Amma bunun iki forması var. Birinci cinayətdə 5 min, az ağırdısa, 10 min müəyyənləşib. Amma beynəlxalq aləmdə bu çox fərqlidir. Yəni bunun nümunələri həddindən artıq fərqlidir. Ola bilər ki, konkret bir rəqəmdən başlayır. 50 min manatdan artıq, yəni bizim  milli valyutaya çevirib  ödəsən, 100 min ödəməlisən. O halda azadlıqda qala bilərsən. Ona görə də, bu siyasət ilə bağlı hörmətli Əli müəllimdən xahişimiz ondan ibarətdir ki, müvafiq icra orqanları və məhkəmə orqanları ilə birgə o təcrübəyə dayanaraq bu sahədə genişlənmə tədbirləri görülsün ki, cəmiyyət məhbəsə getməli olmayan, azadlığı məhdudlaşdırılmayan və yaxud digər həbs cəzası verilməyəcək insanların dairəsini daha çox görmüş olsun. Əlbəttə ki, sənəd mükəmməl hazırlanıb, ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Bəxtiyar Əliyev.
B.Əliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Təbii ki,  hər iki qanuna edilən əlavə və dəyişikliklər  çox zəruridir, vacibdir.  Əli müəllim də bunları kifayət qədər  əsaslandırdı və biz bunlara  səs verəcəyik. Amma bu dəyişikliklər yeni bir vəziyyət yaradır və bununla bağlı bəzi suallar meydana çıxır. Əlbəttə, onların həlli də mümkündür. Amma hansı qanunda  necə nəzərə alınması və onun işlək mexanizminin necə olması ilə  bağlı bəzi fikirlərimi qeyd etmək istərdim. Əvvəla, hörmətli deputat həmkarlarımın qeyd etdiyi girov məsələsi  çox doğru bir məsələdir. Girov müqabilində istintaq müddətində azadlıqda qalma və eyni zamanda, məhkəmələrdə bəraət hökmlərinin çıxarılması ilə bağlı ictimaiyyətdə mütəmadi olaraq söhbətlər gedir və bizim qanunlarımızda da bu məsələlər var. Amma tətbiqi istiqamətində bəzi müəyyən maneçiliklər də meydana gəlir ki, bu dəyişikliklər  yəqin ki, onların aradan qaldırılmasına imkan verəcəkdir. Əlbəttə, belə hallar da olur ki, misal üçün, həbs qətimkan tədbiri seçildikdən sonra istintaq orqanları da, məhkəmə də müəyyən çıxılmaz vəziyyətdə  qalırlar. 6 ay, 5 ay və daha çox müddətdə azadlıqdan məhrum edilmiş şəxs haqqında istintaq müddətində müəyyən icazə xarakterli qərarlar da çıxarılır. Amma əgər bu, girov müqabilində azadlıqda qalsa, istintaq müddətində yəqin ki, başqa gəlirlərin çıxarılması da mümkün olar. Bunun da müəyyən obyektiv, subyektiv səbəbləri var ki, biz çalışıb onları aradan qaldırmalıyıq.
Mən çox vacib olan digər bir məsələyə toxunmaq istəyirəm. Azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum olunmuş şəxslər ilə tərbiyəvi işin aparılması. Burada qanunla cəzaçəkmə müəssisəsinə verilmiş  müəyyən bir funksiya bu dəyişikliklərdən sonra artır, icra məmurlarına və məhkəmə qərarlarının icra qurumuna bu funksiyaların ötürülməsi artıq qanunda öz əksini tapır. Yəni icra məmuru azadlığı məhdudlaşdırılmış, cəza çəkməyə məhkum olunmuş şəxslərlə mütəmadi tərbiyəvi işlər aparmalıdır. Onunla cəmiyyətdə qəbul edilmiş davranış qaydalarına riayət etməsinə yönəlmiş söhbətlər aparılmalı, onun fərdi xüsusiyyətləri nəzərə alınmalıdır. Bu həm məhkumluğu azadlıqda davam etdirməklə, həm də yeni bir hüquqi statusda cəmiyyətə sosial-psixoloji uyğunlaşma ilə ortaya çıxır. Biz bilirik ki, vaxtilə qanun qəbul eləmişik və həmin qanunda məhkumların yenidən cəmiyyətə inteqrasiya edilməsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xətti ilə qanuna müvafiq olaraq bir mərkəz tikilib və orada məhkumların sosial-psixoloji reabilitasiyası məsələsi nəzərdə tutulubdur. Düşünürəm, əgər biz islah müəssisələrinin bu  tərbiyəedici funksiyasının bir hissəsini məhkəmə qərarlarının icrası orqanlarına  aid edəcəyiksə, onda, deməli, bu məsələlərə baxılmalıdır ki, bu mexanizm necə olacaq. Hər hansı icra məmurunun bütövlükdə bu insanlarla belə tərbiyəvi söhbətlər aparması hər birinin fərdi psixoloji xüsusiyyətləri nəzərə alınmaqla cəmiyyətdə qəbul olunmuş normalara riayət edəcək bir şəxsə çevrilməsində nə qədər faydalı iş görərdi.
Bugünkü icra məmurlarının sayı və onların qanunla müəyyən edilmiş səlahiyyətləri, imkanları bunu, əlbəttə, məhdudlaşdırır. Çox yaxşı olardı ki, burada bu əlaqələndirilsin və qanunda da öz həllini tapsın. Cəza çəkməyə məhkum olunmuş şəxslər və yaxud da ictimai işlərə cəlb ediləcək bu şəxslər ilə həmin mərkəzlər vasitəsilə o istiqamətdə də işlər aparılsın ki, həmin vətəndaşlar məhkumluq statusunda olmalarına baxmayaraq,  cəmiyyətə adaptasiya oluna bilsinlər və qarşılıqlı münasibətlər qurulsun, cəza müddəti başa çatdıqdan sonra bu insanların yeni olan hər hansı bir mühitə uyğunlaşması ciddi problemlər yaratmasın. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vüsal Hüseynov.
V.Hüseynov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də hörmətli həmkarlarımın bu qanunla bağlı narahatlıqlarını paylaşıram. Çünki qanun layihəsi yeni mexanizmlər tətbiq edir. Təbii ki, bunun icrası çox əhəmiyyətlidir. Ümumi olaraq hesab edirəm ki, bu qanunu hörmətli həmkarlarımla dəstəkləməliyik. Çünki qanun layihəsi azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəzaların icrasının effektliyini artırmaq üçün yaradılmış probasiya institutunun fəaliyyət sahəsini müəyyən edir. Bu fəaliyyəti həyata keçirən icra məmurlarının vəzifə və səlahiyyətlərini qeyd edir. Həmçinin ictimai işlər növündə cəzanın icrası qaydasını təkmilləşdirir. Ümumi olaraq azadlığın məhdudlaşdırılması ilə bağlı prosesin maksimum bu cür şəxslər üçün rahat olmasını təmin edir.
Ancaq bir sıra hörmətli həmkarlarımın qaldırdıqları fikirlərə də toxunmaq istərdim. Təbii ki, bunlar, qeyd etdiyim kimi, haqlı narahatlıqlardır. Həbs ilə bağlı məsələ, təbii ki, vətəndaşları narahat edən bir məsələdir. Ancaq biz baxmalıyıq ki, burada həm həbs qətimkan tədbirinin seçilməsi, həm də istintaq zamanı olan həbsin müddətinin uzadılması ilə bağlı müddəalar nəzərdə tutulub. Belə həbs qətimkan tədbirinin uzadılması üçün 3 hal müəyyən edilib. Burada faktiki olaraq məhdudlaşdırma gedib. Bu da, təbii ki, digər, daha yumşaq qətimkan tədbirlərinin seçilməsini təmin edir. Həbsdə saxlama müddətinin uzadılması üçün isə prokurorla razılaşdırma mexanizmi müəyyən edilmişdir ki, bu da yeni bir mexanizmdir, bu halda sui-istifadə hallarının və digər neqativ halların qarşısının alınması məqsədini daşıyır.
Digər bir məqam narkomaniya xəstəliyi ilə əlaqədar olan cinayət məsuliyyətindən azad edilmə ilə bağlı olan məsələdir. Təbii, qanunun qüvvəyə minməsi ilə bağlı olan müddəalara baxsaq, görərik ki, qanunda   məqsədli tibbi müəssisələrin fəaliyyətə başlayacağı gün müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir, yəni bu cür tibbi müəssisələr hələ fəaliyyətə başlamayıb. Bunların fəaliyyəti qurulmalıdır. Bu da onu deməyə əsas verir ki, bu tip müəssisələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrıca yaradılacaqdır. Bunlar hər hansı bir tibb müəssisəsinin tərkibində də ola bilər, ayrıca formada da. Amma hər halda bunların məqsədi və təyinatı fərqli olacaqdır.
Girov institutu ilə bağlı mən hörmətli həmkarlarımın fikirləri ilə razıyam. Ancaq  nəzərə almaq lazımdır ki, bu, hər bir halda müsbət irəliləyişdir və girov institutunun tətbiqini artıracaqdır. Bunu da nəzərə almalıyıq ki,  girov institutu  nəyə görə daha çox böyük ictimai təhlükəsi olmayan əməllərə tətbiq olunur. Eyni zamanda da, hörmətli həmkarımın azadlığı məhdudlaşdırılan şəxslərin fəaliyyətinə icra məmurlarının  müdaxilə səviyyəsinin  nə qədər olması ilə bağlı fikrinə də münasibət bildirmək istərdim.
Biz nəzərə almalıyıq ki, hər bir halda burada söhbət müəyyən cəzaya məhkum edilmiş şəxslərdən gedir. Biz dövlət və cəmiyyət olaraq bilməliyik ki, bu ev dustaqlığı da olsa, bunlar müəyyən cinayəti törətmiş şəxslərdir. Bunlar azadlıqlarının məhdudlaşdırılması cəzasını alsalar belə, eyni zamanda, ictimaiyyətin və cəmiyyətin təhlükəsizliyi də təmin olunmalıdır. Bu baxımdan hesab edirəm ki, girov müqabilində azalma belə olsa, ilkin mərhələdə  bunun təcrübə və icrasını biz izləyə bilərik. Daha sonra bu institutun daha geniş kateqoriya üçün vüsət alması istiqamətində tədbirlər görülə bilər. Ölmüş şəxsin zərərçəkmiş qismində tanınması, bəli, bununla bağlı, həqiqətən, bizim komitə iclasında fikirlər səsləndirildi. Mən xüsusi olaraq bu məsələni də komitə müzakirəsindən sonra araşdırdım və  qeyd etməliyəm ki, burada söhbət ölmüş şəxsin zərərçəkmiş qismində hüquqlarının tanınmasından gedir. Yəni bu, hesab edirəm ki, normal bir yanaşmadır və həmçinin bizim Cinayət-Prosessual Məcəlləsinin 106-cı maddəsində də artıq bu ifadə yer almışdır. Mən  hüquqi baxımdan burada bir problemli məqam görmürəm. Həmçinin  qeyd etmək istərdim ki, bu qanunda cinayət işinin istintaq aidiyyətinin dəyişdirilməsinin yeni halı,  elektron nəzarət vasitələrinin tətbiqi qaydaları müəyyən edilir. Mən hesab edirəm ki, bu qanunun tətbiqi, həqiqətən, humanizm baxımından bir çox müsbət dəyişikliklər gətirəcəkdir və  hörmətli həmkarlarımı bu layihəyə dəstək olmağa dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Səməd Seyidov.
S.Seyidov. Hörmətli Ziyafət müəllim, hörmətli həmkarlar! Vaxtınızı çox almaq fikrində deyiləm. Təbii, mən də bu qanun layihəsinə öz müsbət fikrimi bildirəcəyəm. Sadəcə, sizin diqqətinizi bir məsələyə cəlb etmək istəyirəm ki, bu qanun hüquqi cəhətdən mükəmməldir. Hüquqşünaslar hansısa əlavələr  etmək istəyirlərsə, təbii, onların öz işləridir. Ancaq ümumi şəkildə bu qanun layihəsi ilə tanış olarkən bir məqamı  qeyd etmək lazımdır ki, bu, insan haqlarına xidmət edən qanun layihəsidir. Bu, Azərbaycan Respublikası  Prezidentinin apardığı siyasət ilə bağlı bir  qanun layihəsidir. Bu qanun layihəsi, bundan əvvəl Milli Məclisdə müzakirə olunmuş dəyişikliklər, probasiya ilə bağlı məsələlər Azərbaycanda  insan haqları ilə bağlı qaldırılan suallara cavabdır.
Bu qanun layihəsi ilə biz öz siyasətimizdən dönmürük, insan haqlarını həmişə öndə saxlayan və vətəndaşın hüquqları haqqında düşünən bir dövlət kimi özümüzü təqdim edirik. Ona görə bunun yalnız hüquqi və daxili əhəmiyyəti ilə yanaşı, beynəlxalq əhəmiyyətini də vurğulamaq istəyirəm və həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən də hesab edirəm ki, biz qanun layihəsinə səs verib qəbul etməliyik. Düzdür, qanuna müəyyən əlavə və dəyişikliklərimiz çoxdur. Burada çıxış eləyən həmkarlarımız da bu məsələlərə toxundular. Bəziləri həddindən artıq  irəli getdilər. Bəziləri isə köhnə qanun-qaydanın tətbiqi ilə əlaqədar olan mövqelərini müdafiə etməyə çalışdılar. Mən hesab edirəm ki, hər bir yeni atılan addım, təbii ki, ölçülüb-biçilməlidir. Biz nə Avropanın müxtəlif qanunlarını təkmilləşdirib özümüzə tətbiq etməliyik, nə də Şərqin adət-ənənələrindən iki əl ilə yapışaraq qoruyub saxlamalıyıq. Mənim fikrim ondan ibarətdir ki,  milli psixologiyanı, milli-mənəvi dəyərləri nəzərə alıb bu addımları atmalıyıq.
Bu qanunu hamı müdafiə edir. Çünki insan hüquqlarına xidmət edən bir qanundur. Görürəm ki, komitə üzvləri bu məsələdə daha çox canfəşanlıq göstərirlər, qanunun müdafiəsinə yazılıblar. Amma əslində, elə bir şey deyilməyib ki, bunun müdafiəsinə qalxasınız. Komitədə müzakirə etmisiniz, təsdiq edib buraya göndərmisiniz. Biz bilirik ki, siz artıq bunu bəyənib göndərmisiniz. Burada  onun müdafiəsinə ehtiyac yoxdur. Digər deputatlara da, hesab edirəm, şərait yaradılmalıdır ki, öz fikirlərini  qeyd etsinlər.
Mən nəyə toxunmaq istəyirəm, hörmətli Ziyafət müəllim? Bu məsələni humanizm siyasəti ilə uyğunlaşdırmaq olmaz. Bu,  dünyada olan prosedur bir qaydadır. Humanizm ondan ibarətdir ki, məhkəmə ədalətli keçsin, istintaq düzgün aparılsın. Bundan sonra amnistiya var, əfv var. Bunlar humanist aktlardır ki, tətbiq olunur.  Yoxsa bu, dövlətə 20 manat, 21 manat ziyan vurur, kiçik bir cinayət törədir, bunu dövlətə ziyan vurmamaqdan ötrü ötürək, getsin, otursun evində. Mən bu məsələnin  tərəfdarı deyiləm. Onda cəzasızlıq baş alıb gedəcəkdir.
Bilirsiniz ki, Azərbaycanın öyündüyü ən əsas şərtlərdən biri də ölkədə yaranan ictimai-siyasi sabitlikdir. Azərbaycanda cinayətkarlığa qarşı mübarizədir. Bu mübarizənin nəticəsində istər postsovet məkanında, istərsə də Şərqi Avropada Azərbaycan çox böyük uğurlara nail olub. Mən hesab edirəm ki, bu addımları atmalıyıq, milli psixologiyanı da düşünməliyik. Elə hallar var ki, biz bunu cəza metodundan çıxarıb şəxsi münasibətləri aydınlaşdırma metoduna gətirib çıxara bilərik. Əgər vətəndaş görürsə ki, bu adam hər hansı bir cinayət törədir, dövlətin hüquq mühafizə orqanları da kiçikliyindən, böyüklüyündən asılı olmayaraq bununla bağlı müvafiq addımlar atır, onda özündə bir təskinlik tapır. Amma digər tərəfdən görürsə ki, bu addımlar atılmır, onda artıq bu addımları özü atmağa məcbur olur. Biz artıq bu sistemdən özümüzün düzgün sistemimizə gəlib çıxmışıq. Belə olan halda biz yenidən müəyyən məsələləri daha geniş şəkildə əks etdirə bilmərik. Ağır cinayət törədibsə, gətirsin, pul qoysun. Yəni cəmiyyət hələ buna hazır deyil. Bu, mərhələ-mərhələ olmalıdır.
Araz müəllim, xahiş edirəm, əgər mümkünsə, sakitliyə riayət eləyin, mən sözümə davam edim. Bu addımlar atılmalıdır, bu proseslər olmalıdır. Mən bir sıra ölkələrin təcrübələrini burada göstərə bilərəm. Məsələn, bizdə necədir? Bir adam bir dələduzluq edir, bu, kiçik cinayət hesab olunur. Başqa birinə 100 min, 50 min ziyan vurur, bir mənzili 5 adama satır. O biri vətəndaş isə bütün ömrü boyu müəllim işləyib, həkim işləyib, pul toplayıb özünə mənzil almaq istəyir. Dələduz mənzilin pulunu  əlindən alır, çıxıb gedir. Buna 8 və ya 10 il iş verirlər  və yazırlar ki, hər ay 20 manat  pul ödəyəcəkdir. 10 min il lazımdır ki, adi bir vətəndaşın verdiyi pulu bu ödəsin. Bu sistemlərlə bağlı biz Cinayət Məcəlləsində müvafiq qərarlar qəbul etməliyik ki, o vətəndaşın hüququnu  müdafiə edək. 30 il, 20 il işləyib və yaxud da bir yerdə  mənzilini satıb, atasından qalma mənzilini satıb, gəlib, vəsaitini bunlara sərf edib. Bu pul geri qaytarılmır və vətəndaş da mənzilsiz qalır.
Yaxud göstərilir ki, xaricdə bir adam digərinə avtomobil qəzası nəticəsində ziyan vurur. Ziyan vurduğu təqdirdə həmin şəxs həftənin 5 gününü işləyir, onun pulunu ödəyir, həftənin şənbə, bazar gününü gedib həbsxanada yatır. Bu, həm bunun azadlıqdan məhrum olunmasıdır, həmçinin də vətəndaşa vurduğu ziyanın ödənilməsidir. Bu cür normaları biz də tətbiq etməliyik, yavaş-yavaş bu sistemə keçməliyik. Bu günlərdə Səudiyyə Ərəbistanında bir nəfər 1 milyon pulu girov qoydu, onu buraxdılar ki, get, otur evində. Bu cür yanaşma ilə biz o yanaşma tərzinin mexanizmini düzgün həzm edə bilmərik. O daha böyük cinayətlərin törədilməsinə gətirib çıxara bilər, hörmətli Ziyafət müəllim. Bunu qəbul edək, amma  üzərində çox ciddi şəkildə işlənilməli və yenidən təqdim olunmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elşən Musayev.
E.Musayev. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən də burada söylənilən bəzi fikirlərlə razıyam. Eyni düşüncəni bölüşürəm ki, cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı mütərəqqi bir addımdır və eyni zamanda, uyğunlaşmadır. Konkret olaraq ən çox girov müqabilində həbsdən azadetməni özündə ehtiva edən normanı, təbii, bütün həmkarlarım kimi, mən də alqışlayıram. Bu həm də, belə deyək, dövlətin büdcəsinə xeyir gətirəcək və sair. Ən əsas toxunmaq istədiyim konseptual məsələlər var. Burada çox hörmətli həmkarım Qüdrət Həsənquliyev tərəfindən ölmüş zərərçəkmiş şəxs barədə qeyd olundu.  Ümumiyyətlə, ölmüş zərərçəkmiş şəxs, zərərçəkmiş ölmüş şəxs, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi, zərərçəkmiş ölmüş şəxsin hüquqi varisi və sair. Bu, ümumiyyətlə, leksikonda mütəmadi olaraq müzakirə predmetinə çıxarılan mövzudur. Amma  sonunda “çevir tatı, vur tatı” anlayışından o tərəfə keçmir. Sadəcə, hüquq leksikonunda optimal bir ifadə düşünülüb. Mən də deyərdim ki, Qüdrət bəyin fikirləri ilə bağlı fikirləşmək olar. Amma bu,  bir çox qanunların dəyişdirilməsinə səbəb olacaq, məhz bu söz izahat tələb edəcək. Ona görə, hesab edirəm ki, bu söz elə belə də qalmalıdır.
Burada digər həmkarım qeyd etdi, stajlı  narkomanlarla qeyri-stajlı narkomanların təsnif edilməsi ilə bağlı bir hüquqşünas kimi razı deyiləm. Nəyə görə? Çünki narkoman narkotikdən asılı şəxsə deyilir, yəni narkoman haradan baxsan, narkomandır. Sadəcə, bu qanun layihəsində narkoman məhz mahiyyətinə görə narkoman deyil, narkoman törətdiyi əməlin və cinayətin fonunda təsbit olunur. Düzdür, kateqoriyaya ayrılır, amma bütün hallarda stajlı və qeyri-stajlı narkomana ayrılmır.
Üçüncü bir məsələ 155.3-cü maddə ilə bağlıdır. Komitədə də xeyli müzakirə olundu. Hələ də mən hesab edirəm ki, bununla bağlı  orijinallıq yoxdur. Sadəcə, bir məsələni qeyd etmək istəyirəm. Məhdud və qeyri-məhdud kateqoriya burada da səsləndirildi. Həmin cümləni oxumaq istəyirəm: “Həbs qətimkan tədbiri yalnız aşağıdakı şəxsə tətbiq oluna bilər”. Yəni burada kateqoriya aydındır, amma bir çox normalar var ki, imperativ norma tətbiq olunmur. “Tətbiq oluna bilər” cümləsi həm də “tətbiq olunmaya da bilər” kimi başa düşülməlidir.
Nəhayət, çox hörmətli həmkarlarım Vüsal müəllim və Siyavuş müəllimin də qeyd etdiyi məsələ ki var, bu qanun ilkin mərhələdə  nəzəriyyədən daha çox təcrübi üslubda nəzərdən keçirilməlidir, bununla tamamilə razıyam. Çünki bir çox məsələlər var ki, hüquq zehniyyəti ona hazır olsa da, cinayətkar zehniyyəti, cinayətkar psixologiyası, ola bilər ki, buna hələ hazır olmasın. Bütün hallarda bu, humanizm sabitliyinə ziyan vurmamalıdır, yəni qırmızı xətti tapdalamamalıdır. Oğru, ola bilər ki, həbsxanadan çıxıb yenidən  daha böyük oğurluq eləsin və sair. Bütün hallarda qanun layihəsinə səs verəcəyəm. Həqiqətən, çox mütərəqqi, humanist bir addımdır. Hörmətli həmkarlarımı da eyni şəkildə müsbət səs verməyə çağırıram. Diqqətinizə görə  minnətdaram.
Sədrlik edən. Sağ olun. Çingiz Qənizadə.
Ç.Qənizadə. Təşəkkür edirəm. Sözsüz ki, bu qanun layihələri cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı təklif olunur və cənab Prezident artıq fevralın 10-da bu siyasəti ortaya qoyub. Mən belə hesab edirəm ki, harada humanizm varsa, biz müsbət tərəflərini axtarmalıyıq. Düzdür, bəzən  hüquqşünaslar belə hesab edirlər ki, əks tərəflər humanizmdən sui-istifadə etməyə çalışırlar. Amma bunu zaman göstərəcək. Mən ümid edirəm ki, biz bir daha geriyə qayıtmayacağıq. Cənab Prezidentin bu siyasi kursundan, humanizm kursundan gələcəkdə sui-istifadə hallarına, təbii ki, vətəndaşlar tərəfindən sui-istifadə hallarına yol verilməməsinin şahidi olacağıq.
Qeyd edim ki, həm Cəzaların İcrası Məcəlləsində, həm də Cinayət-Prosessual Məcəlləsində edilən dəyişikliklər mütərəqqi dəyişikliklərdir. Mən hüquq müdafiəçisi olaraq qısaca qeyd etmək istəyirəm ki, bəzən bizim cəzalar çox sərt olurdu. Halbuki azadlıqdan məhrum etmədən o insanları islah etmək olardı. Tərəflərin arasında barışıq əldə olunurdu, dəymiş zərər ödənilirdi. Lakin yenə də həbsli cəzalar nəzərdə tutulduğu üçün  adi cəza növü tətbiq edilə bilmirdi. Bu da bəzən ailələrin dağılmasına, ailələrdə böyüyən uşaqların tərbiyədən kənarda qalmasına, sahibsiz böyüməsinə və gələcəkdə cinayətkarların yetişməsinə xidmət edirdi. O baxımdan hesab edirəm ki, biz təklif olunan bu dəyişikliklərdə ancaq mütərəqqi və müsbət tərəfləri axtarmalıyıq. Gələcəkdə hansısa bəndlərlə bağlı problem olarsa, mən hesab edirəm ki, o qanunlara yenidən baxmaq olar. Ona görə də mən bu qanunların, təbii ki, tərəfdarıyam və belə hesab edirəm ki, həmkarlarımız buna səs verməlidirlər.
Amma Ziyafət müəllim, mən sonda ona görə yazıldım ki, bir məsələni  həmkarlarımızın diqqətinə çatdırım. Biz dünən gecə Kiyevdən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının 50-ci  yubiley sessiyasından qayıtmışıq. Nümayəndə heyətinin rəhbəri Eldar Quliyev xəstələnmişdi, bəlkə də ona görə bu gün iclasda iştirak etmir, həmkarlarımıza məlumat verə bilmir. Bizim nümayəndə heyətinin üzvləri Jalə xanım Əliyeva, Əflatun Amaşov, Musa Quliyev fasilədə məndən xahiş etdilər ki, orada görülən işlərdən qısaca məlumat verim.
Qeyd etmək istəyirəm ki, bu assambleyada üzv ölkələrin ərazi bütövlüyünün qorunması, işğal olunmuş torpaqların ərazi bütövlüyü çərçivəsində azad edilməsi və suverenliyin qorunması ilə bağlı bəyannamə qəbul olundu. Bu bəyannamə qəbul olunarkən Ukraynanın parlamentariləri ilə Azərbaycan parlamentarilərinin həmrəyliyi nəticəsində bu assambleyada iştirak edən ölkələrin böyük əksəriyyəti buna səs verdilər və bu bəyannamə qəbul olundu. Təbii ki, biz burada Azərbaycanın işğal olunmuş ərazilərinin daha önəmli bir bənd  kimi ora salınması ilə bağlı  çox maraqlı idik. Bu bəndin keçməsində bizim baş katib Asəf Hacıyevin də xüsusi rolunu qeyd etmək istəyirəm. Nümayəndə heyəti üzvlərinin hamısı əlindən gələn işi gördü ki, belə bir bəyannamə qəbul olunsun. Amma maraqlı məsələ bu oldu ki, işğaldan və  beynəlxalq hüququn pozulmasından söhbət getdiyi halda, Ermənistandan olan nümayəndə heyəti buna etiraz edərək səsvermə zamanı zalı tərk etdi. Səsvermədən sonra bildilər ki, əksəriyyət bu bəyannaməni qəbul edib, zala gələrək yazılı şəkildə bəyanat verdilər və növbəti gün də iclasda iştirak etmədilər. Mən belə hesab edirəm ki, işğalçı dövlət 10-dan çox dövlətin arasında çox cılız bir vəziyyətə düşdü. O baxımdan da onların deyəcək bir sözləri olmadığına görə, bəyanat verməklə və iclas zalını tərk etməklə kifayətlənməli oldular.
Bir şeyi qeyd edim ki, iştirak edən dövlətlərin nümayəndələri tərəfindən bunun siyasi tərəfindən başqa iqtisadi tərəfi ilə də bağlı, Bakı–Tbilisi–Qars dəmir yolu xətti ilə əlaqədar çox gözəl fikirlər söylənildi. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin nümayəndələri  arasında bu dəmir yolu xəttinin iqtisadi  əlaqələrin inkişafında və genişlənməsində mühüm rol oynaması ilə bağlı fikirlər söylədilər. Təbii ki, biz də Azərbaycanı təmsil etdiyimiz üçün bu bizdə də qürur hissi yaratdı. Belə hesab edirik ki, bizim gördüyümüz işlər başqa dövlətlər tərəfindən çox yaxşı dəyərləndirildi. Biz bundan olduqca məmnun qaldıq. Bir daha hesab edirəm ki, bu cür tədbirlərdə, bu cür ciddi məsələlərin qəbul olunmasında fəallıq göstərmək üçün hər bir millət vəkili çalışmalıdır. Bizim nümayəndə heyəti də  başda Asəf müəllim olmaqla  əlindən gələni etdi. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rüfət Quliyev.
R.Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim, çox sağ olun. Hörmətli Siyavuş müəllimin çıxışından sonra mən 2 dəqiqə fikrimi bildirmək istəyirəm. Təbiidir ki, bu qanunun lehinə səs verəcəyəm. Mən başqa məsələyə toxunmaq istəyirəm. Bu, yeni tikilən evlərdə bir mənzilin 5, 6, 7 nəfərə satılması ilə əlaqədardır. Bir dəfə mən səhv etmirəmsə, komitədə çıxış etdim və təklif verdim ki, imkan varsa, bu evlərin qeydiyyatını “ASAN xidmət” aparsın. Yəni insan bunun pulunu  hissə-hissə ödəyəndə artıq birinci ödəniş olan kimi “ASAN xidmət”də, ya da Əmlak Komitəsində, haradasa qeydiyyatdan keçsin və ona arayış verilsin ki, artıq ev bunundur. Yəni bunu başqa adama satmaq imkanı yaranmasın. Bu fikri çatdırmaq istəyirdim. Həqiqətən, mən də dəfələrlə seçicilərlə görüşəndə görürəm ki, insanlar çox əziyyət çəkirlər. Siyavuş müəllim demişkən, kimsə gedib pul tapır, atasının evini satır, mülkünü satır, yəni təzə ev almaq istəyir.  Amma aydın olur ki, artıq bu evi 3–4 nəfərə satıblar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli həmkarlar, biz artıq iclasımızı yekunlaşdırmaq üzrəyik. Mən də icazənizlə bir neçə kəlmə müzakirə etdiyimiz qanun layihələri barədə demək istəyirəm. Əgər yadınızdadırsa, bir müddət bundan əvvəl Cinayət Məcəlləsində xeyli inqilabi dəyişikliklər  etdik. Təbii ki, bunun mabədi olaraq bu məsələnin tam həll olunması üçün Cinayət-Prosessual Məcəlləsində də, o cümlədən Cəzaların İcrası  Məcəlləsində də dəyişikliklər edilməli idi ki, bu islahatlar artıq tam yekunlaşsın. Sözsüz ki, gələcəkdə digər qanunvericilik aktlarında da dəyişikliklər ediləcək. Amma burada məsələnin mahiyyəti, fəlsəfəsi nədən ibarətdir?  Burada artıq qeyd olundu, cənab Prezident 2017-ci il fevral ayının 10-da çox tarixi bir sərəncam imzaladı. Orada hüquq mühafizə orqanlarına xeyli tövsiyə var. Nəticə olaraq biz artıq bu gün  bu məsələni, demək olar ki, əsasən, yekunlaşdırırıq.
Söhbət nədən  gedir? Söhbət ondan gedir ki, bizim dövlətimizin, ümumiyyətlə, apardığı siyasətlə cinayət-hüquq sahəsində aparılan siyasət  bir-birini tamamlamalıdır. Biz artıq bu gün bu məsələyə, demək olar ki, nöqtə qoymuş oluruq. Nə mənada? Bunlar hamısı dövlətimizin apardığı humanist siyasətlə uyğunlaşmalıdır. Ümumiyyətlə, bu saat məsələ belə qoyulur ki, hər bir insanın  cinayət əməli və ona verilən cəza adekvat olmalıdır.  Bayaq burada qeyd olundu, həddindən artıq cəzalar tətbiq olunur. Ona görə də bu, müəyyən mənada cəmiyyətdə narazılıq yaradır. Bütövlükdə edilən dəyişikliklər, hesab edirəm ki, sözsüz, Azərbaycanın imici üçün də çox faydalıdır. Hər şeydən əvvəl bunlar bizim keçən il, 2016-cı il sentyabrın 26-da və ondan əvvəlki referendumlarda Konstitusiyamıza etdiyimiz dəyişikliklərin mabədi olaraq bir-birini tamamlayır. Konstitusiyamızın 12-ci maddəsində də birbaşa göstəriş var ki, Azərbaycan dövlətinin ali məqsədi hər bir vətəndaşın, hər bir insanın hüquq və azadlıqlarının təmin edilməsidir. Bu islahatlar da, dəyişikliklər də hamısı buna xidmət edir. Hesab edirəm ki, bundan sonra da bu siyasət  davam edəcək. Əgər başqa çıxış etmək istəyən yoxdursa, mən xahiş edirəm, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.21 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində dəyişikliklər edilməsi haqqında qanun layihəsinə münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 17.22 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.     

 

 

 

EDİLMƏMİŞ ÇIXIŞIN MƏTNİ

1 dekabr 2017-ci il
________________________________

Aytən Mustafazadə.  Qanun layihələri  barədə ilk növbədə onu qeyd edim ki, hazırda qüvvədə olan Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsindən və Cəzaların İcrası Məcəlləsindən fərqli olaraq təklif olunan layihələr mövcud sahədə olan münasibətləri daha hərtərəfli və səmərəli tənzimetmə imkanlarını nəzərdə tutur.
Belə ki, dəyişikliklər birbaşa olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev tərəfindən imzalanmış “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” 2017-ci il 10 fevral tarixli Sərəncamla bağlıdır.
İrəli sürülmüş layihədə cəza siyasətinin humanistləşdirilməsi, azadlıqdan məhrumetməyə nisbətən daha yüngül cəzaların (azadlığın məhdudlaşdırılması), o cümlədən həbs qətimkan tədbiri əvəzinə daha çox ev dustaqlığı kimi qətimkan tədbirinin seçilməsi, cəzaların icrasına dair məsələlərdə probasiya xidmətindən və elektron nəzarət sistemindən istifadə ilə bağlı zəruri müddəalar öz təsbitini tapmışdır.
Mövcud layihəyə də, əsasən, barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs  üçün xüsusi vəzifələr göstərilmiş, həmçinin azadlığın məhdudlaşdırılması cəzası tətbiq edilən şəxslərə şamil olunacaq məhdudiyyətlərin dairəsi müəyyən edilmişdir. Bir halı da xüsusilə vurğulamaq istəyirəm ki, azadlığı məhdudlaşdırılmış şəxslərin müəyyən vaxtlarda yaşayış yerini və ya məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını (yalnız Azərbaycan Respublikasının ərazi hüdudlarında) müvəqqəti tərk etmələrinə icazə  verilməsi halları da Cəzaların İcrası Məcəlləsində təsbit edilib. Bu hal, hesab edirəm, həqiqətən də, cəzaların humanistləşdirilməsinin, onların islahetmə məqsədi güdməsinin bariz sübutudur.
Onu da qeyd edim ki, Cinayət-Prosessual Məcəlləsinə “Narkomaniya xəstəliyi ilə əlaqədar cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulmuş şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsi üzrə icraat” adlı yeni fəslin  əlavə edilməsi də nəzərdə tutulur.
Həmçinin irəli sürülmüş layihələrdə fikirlərin, müddəaların daha da konkretləşdirilməsi halları da özünü göstərir. Hesab edirəm, bu cür konkretliliyin qoyulması özbaşınalıqların qarşısının alınmasında, dispozitiv imkanlardan sui-istifadə hallarına yol verilməsinin məhdudlaşdırılmasında müsbət rol oynayacaq.
Lakin bu qeyd etdiklərimlə yanaşı, Cinayət-Prosessual Məcəlləsində dəyişikliklər edilməsi ilə bağlı bir neçə əlavə fikir də bildirmək istəyirəm. Qanun layihəsinə əsasən 154.2.8-ci maddə “Yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” kimi qeyd olunur. Lakin əvvəlki redaksiyada bu, sadəcə olaraq, “Nəzarət altına vermə” kimi qeyd olunmuşdu və nəzarət  altına vermənin isə kimə şamil olunduğu 154.3-cü maddədə göstərilmişdi. Dəyişikliyi müsbət qarşılayaraq qeyd etmək istərdim ki, konkretlilik  yaratmaq məqsədi ilə 154.2.9-cu maddənin də adı dəyişilərək “Hərbi  qulluqçunu və ya hərbi toplantıda təlim keçdiyi müddətdə hərbi mükəlləfiyyətli şəxsi komandanlığın müşahidəsi altına vermə” kimi qeyd olunmalıdır.  Çünki maddənin bir bəndində konkretliliyin verilməsi, digər bəndində isə bu cür konkretliliyin verilməməsi ziddiyyət təşkil edir.
Layihəyə əsasən 157.5-ci maddədə qeyd olunur ki, həbsin qətimkan tədbiri qismində seçilməsi və ya uzadılması məsələsinə baxarkən məhkəmə təqsirləndirilən şəxsin cəmiyyətdən tam təcrid edilməsinə və ya həbsdə saxlanılmasına zərurət olmadığı qənaətinə gəldikdə, onun barəsində müdafiə tərəfinin vəsatəti və ya öz təşəbbüsü ilə ev dustaqlığı, habelə müdafiə tərəfinin vəsatəti əsasında girov qətimkan tədbiri seçir. Hesab edirəm, sonda “seçir” sözündən istifadə edilməsi məhkəmə üzərinə öhdəlik qoyur ki, hansısa vəsatət olarsa, o zaman mütləq ev dustaqlığı və girov seçilsin. Fikrimcə, həmin bəndə edilmiş dəyişiklikdə “seçir” sözü əvəzinə “seçilə bilər” sözlərindən istifadə edilməsi daha düzgündür. Çünki eyni mahiyyət təşkil edən maddələrin əksəriyyətində irəli sürülmüş dəyişikliklərdə “seçir” sözü əvəzinə “seçilə bilər” sözlərindən istifadə olunur.
Layihəyə əsasən 194-cü maddənin adı yeni redaksiyada “Xüsusi ittihamçının nümayəndəsinin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin hüquqi yardımının dövlət hesabına ödənilməsi” kimi verilmişdir. Fikrimcə, maddənin adının “Xüsusi ittihamçının vəkilinin və ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış vəkilin hüquqi yardımının dövlət hesabına ödənilməsi” şəklində verilməsi daha məqsədəmüvafiqdir. Çünki qanunvericiliyin tələbinə əsasən xüsusi ittihamçının nümayəndəsi qismində xüsusi ittihamçı tərəfindən verilmiş və notariat qaydasında təsdiq edilmiş etibarnaməsi olan vəkillər və ya zərərçəkmiş şəxsin qohumları iştirak edə bilərlər. O cümlədən ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində onun hüquq və vəzifələrini cinayət işi üzrə icraat zamanı həyata keçirmək istəyini bildirən yaxın qohumlarından biri və bu mümkün olmadığı halda vəkil tanınır. Hesab edirəm, ölmüş zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmış qohumuna göstərdiyi hüquqi xidmətə görə dövlət tərəfindən haqq ödənilməsi nəzərdə tutulmursa, o zaman yalnız xüsusi ittihamçının hüquqlarını müdafiə edən qohumlarının da göstərdiyi hüquqi xidmətin dövlət tərəfindən ödənilməsi ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Bu səbəbdən də yalnız xüsusi ittihamçının və ölmüş zərərçəkmiş şəxslərə hüquqi xidmət göstərən vəkillərin hüquqi yardımının dövlət tərəfindən ödənilməsi halı müəyyən edilməlidir. İrəli sürdüyüm bu təkliflərə və qanunvericiliyin tələblərinə  əsasən hesab edirəm, müzakirəyə çıxarılan qanun layihələri üzərində təkmilləşdirmələr aparılarsa, bir-birinə zidd olan məqamlar aradan qaldırılarsa, qəbul olunacaq dəyişikliklər gələcəkdə daha səmərəli nəticələr verəcək.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi