2017-ci il 29 dekabr tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
VIII SESSİYASI İCLASININ

PROTOKOLU № 55

Milli Məclisin iclas salonu.
29 dekabr 2017-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 115 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 98
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Qabil Məmmədov, Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimliyinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.
3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
4. Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
6. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
7. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
8. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
10. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
12. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.
19. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

 
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Fazil Mustafa, Fərəc Quliyev, Qüdrət Həsənquliyev, Zahid Oruc, Qənirə Paşayeva, Rasim Musabəyov, Əflatun Amaşov, Aytən Mustafazadə, Tahir Kərimli, Fuad Muradov, Musa Qasımlı, Hikmət Məmmədov, İlham Əliyev

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

1. Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Əli Hüseynli, İsa Həbibbəyli, Qalib Məmmədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 2002-ci il 15 noyabr tarixli 378-IIQR nömrəli Qərarında dəyişikliklər edilməsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Zahid Oruc

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

3. Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

4. Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər: Oqtay Əsədov, Səməd Seyidov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

5. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Ziyafət Əsgərov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

6. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Eldar İbrahimov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

7. “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

8. “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Arif Rəhimzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

9. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

10. Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

11. “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə, Qüdrət Həsənquliyev

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

12. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Hadi Rəcəbli, Elmira Axundova

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

13. Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi

14. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli, Elmira Axundova, Azər Badamov

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

15. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

16. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

17. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

Çıxış etmişlər:  Oqtay Əsədov, Əli Hüseynli

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

18. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyad Səmədzadə

Təklif: Qanun qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

19. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Məlahət İbrahimqızı

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

  

 


MİLLİ MƏCLİSİN İCLASI

29 dekabr  2017-ci il. Saat 12.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 98
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Gündəlik sizə paylanıb. Gündəlikdə 19 məsələ var. Xahiş edirəm, gündəliyə də səs verək.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, gündəlik təsdiq edildi. Xahiş edirəm, səsvermədə bir az diqqətli olun. Bu, payız sessiyasının son iclasıdır. Deyirəm, bəlkə kiminsə ürəyində nə isə sözü qalıb. Müzakirə keçirək?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun, yazılın. Bayramqabağı heç kimi incitməyək. Fazil Mustafa, buyurun.
F.Mustafa. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hesab edirəm ki, 2017-ci il Azərbaycan üçün müəyyən gərginliklərin içində normal  bir çıxış ili kimi qiymətləndirilməlidir. Çünki beynəlxalq sahədə baş verən proseslər bizim üçün çox böyük problemlər yarada bilərdi. Ölkə Prezidentinin yürütdüyü məntiqli və balanslı siyasət nəticəsində Azərbaycan ən azı kataklizmlər yaşamadı.  Amma bununla belə,  hesab edirəm, iqtisadi sahədə daha böyük işlər görməyə ehtiyac var və bu da birinci növbədə sahibkarlığın inkişafı ilə bağlı məsələdir.
Bu gün başqa ölkələrə gedib iş quran sahibkarların böyük əksəriyyəti şikayətlənir ki, ölkədə vəsaitlərin banklardan çıxarılması müəyyən dərəcədə məhdudlaşdırıldığına görə, bu vəsaitlər başqa ölkələrə böyük gəlirlər qazandırır. Amma Azərbaycan bu məsələdə uduzur. Çində, İranda,  Avropada onsuz da bu pulköçürmələr  yüksək səviyyədə həyata keçirilir. Hətta Azərbaycandan da istənilən vəsaiti köçürmək imkanı var. Amma bizdə bu məhdudlaşdırmanın süni şəkildə qoyulması sonradan ciddi problemlər yarada və iqtisadiyyatımıza böyük mənfi təsir göstərə bilər. Adətən, bu sahədə bizdə məsuliyyətdaşıma məsələsi problemdir. Beynəlxalq Bank məsələsi bitəndən sonra gələcəkdə bu sahədə yenə də kimlərsə nə qədərsə zərər vuracaqlarsa, kimlərinsə həbsxanaya salınması ilə  məsələ çözülməyəcək. Yəni biz 2017-ci ildə iqtisadiyyatın inkişafı istiqamətində,  vətəndaşlara banklarda batan kreditlərin qaytarılması istiqamətində   ümidverici addımlar atmağa nail ola bilmədik. Məncə, bu məsələ üzərində bir daha düşünməyimizə ehtiyac var.
İkinci vacib məsələ. Oqtay müəllim, cümhuriyyətin 100 illiyi ilə bağlı tədbirlər məsələsini biz dəfələrlə burada qaldırsaq da, heç nəyə nail ola bilmədik. Cəmi 5 ay qalır, may ayında artıq cümhuriyyətin 100 illiyidir. 100 illiklə bağlı heç  bir ciddi  film çəkilmədi,  bu tədbirin həyata keçirilməsi üçün müəyyən ensiklopedik kitabların buraxılması məsələsi həllini tapmadı. Buna hazırlıq işləri də, açığı, qaneedici səviyyədə deyil. Ölkə Prezidenti öz üzərinə düşəni elədi, sərəncam verdi və göstərdi ki, hansı istiqamətlərdə çalışmaq lazımdır. Amma müvafiq qurumlar bununla bağlı hansısa bir açıqlama vermədilər. Biz yaxın gələcəkdə yenə Gürcüstanla, Ermənistanla müqayisə edəndə məlum olacaq ki,  cümhuriyyətin 100 illiyini  daha yüksək səviyyədə keçirmə məsələsində müəyyən problemlər yaşaya bilərik. Bu həm də bir rəqabət məsələsidir. O baxımdan da mən istəyirəm ki, bu sahəyə, heç olmasa, 2018-ci il başlayandan xüsusi diqqət yetirilsin və ən azı vacib işlər görülsün. Film çəkilişi məsələsi vacibdir. Təbliğat baxımından cümhuriyyətin tanıdılması vacibdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli Fazil müəllim, cənab Prezident sərəncam verib, müvafiq qurumlar üzərində işləyirlər, tədbirlər hazırlanır. Yəqin,  hazır olanda xəbəriniz olacaq. Bizim parlamentin də 100 illiyi gəlir. İndidən deyim ki, biz bunu təxminən iyun ayının 10-na nəzərdə tutmuşuq. İndi tədbir üçün proqramlar hazırlanır. Parlamentin 100 illiyini gələn ilin iyun ayının 10-a qədər keçirəcəyik. Tapşırıq verilib, bütün şöbələr də işləyirlər. Mənim həmkarlarım, müavinlər də tədbirə fəal hazırlaşırlar. Buyursun Fərəc Quliyev.
F.Quliyev. Sağ olun, cənab Sədr. Mən fürsətdən istifadə edib Sizi, bütün həmkarlarımı və Azərbaycan xalqını qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Ancaq bir məsələyə münasibət bildirmək istəyirəm. Bu yaxınlarda Gürcüstanın Baş naziri Azərbaycanın mənafelərinə uyğun olmayan, bəlkə də Azərbaycan–Gürcüstan münasibətlərinə ciddi şəkildə xələl gətirə biləcək bir bəyanatla çıxış elədi və fors-major vəziyyətlərdə Ermənistana Osetiya və Abxaziya üzərindən alternativ yol vermək məsələsini gündəmə gətirdi. Amma heç kimə sirr deyil ki, ermənilər  bu yollardan, təbii ki, silah daşımaqdan ötrü də istifadə edə bilərlər. Onların güclənməsi üçün bu təklifin verilməsi Gürcüstan–Azərbaycan münasibətlərinə ciddi şəkildə xələl gətirən münasibətdir. Azərbaycan Gürcüstana qarşı həmişə xoş münasibətdə olubdur. Həm enerji daşıyıcılarını çox ucuz qiymətə satmaqda, həm tranzit məsələlərində, həm də uzunmüddətli kreditlərin verilməsində. Bu siyahını uzatmaq da olar. Üstəlik, orada 500 mindən çox azərbaycanlı yaşayır. Onlar Gürcüstan–Rusiya müharibəsində birmənalı şəkildə Gürcüstanın bütövlüyünü dəstəkləyiblər və Gürcüstanın ərazi bütövlüyünün, dövlət quruculuğunun qorunmasında xidmətləri olub. Amma ermənilər o dönəmdə Axalkalakidə fərqli davranmışdılar. Onlar hələ 1992–1993-cü illərdə Abxaziyanı kiçik Ermənistan adlandırırdılar. Xatırlayırsınızsa, o vaxtlar  Baqramyan batalyonu var idi  və bəyanat vermişdilər ki, artıq bu kiçik Ermənistan dövləti azad oldu və bizim dənizə çıxışımız açıldı.
Çox qəribədir ki, indiki Gürcüstan hakimiyyəti ermənilərin mövqeyindən çıxış edir. Çünki Saakaşvili dönəmində Axalkalakidə, – indi ona Cavaxeti deyirlər, – separatizmə rəhbərlik edən adam həbs olundu. Amma bunlar hakimiyyətə gələndən sonra həmin şəxsi həbsdən azad etdilər. İndi Suxumidə, məsələn, 70 minə qədər  erməni yaşayır. Abxaziya, Osetiya Rusiya tərəfindən işğal olunandan sonra, yəni gürcülər gedəndən sonra onların ərazilərini və evlərini ermənilər tutdular. Bunu bilə-bilə birmənalı şəkildə Ermənistana dəstək vermək onların öz işləridir. Ermənistana işləyirlər, özləri bilərlər. Amma Azərbaycan–Gürcüstan münasibətlərinə xələl gətirmək məsələsi bizim tərəfimizdən  normal qarşılana bilməz. Bu məsələ və onlara olunan güzəştlər gündəmə gətirilməli, müzakirə olunmalıdır. Hesab edirəm ki, dostluq qrupu və başqa qurumlar da Gürcüstana xəbərdarlıq eləməlidirlər və bizim davranışımızın qarşısında belə davranışa birmənalı şəkildə  Gürcüstanın izahatı olmalıdır. Onlar bu bəyanatlarının izahını verməlidirlər. Əgər onlar ermənilərə dəstək verəcəklərsə, Azərbaycan ilə Gürcüstan arasında münasibətlər bu cür davam edə bilməz. Mən istəyirəm ki, parlamentdə bu məsələyə münasibət bildirilsin. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Oqtay müəllim, mən də Siz başda olmaqla bütün Milli Məclisin üzvlərini, əməkdaşlarını, xalqımızı qarşıdan gələn Yeni il münasibəti ilə təbrik edirəm, xalqımıza uğurlar və rifah arzulayıram. Fərəc müəllimin toxunduğu məsələ ilə bağlı, Oqtay müəllim, mən də öz narahatlığımı bölüşmək istəyirəm. Mən xatırlayıram,  bir neçə il əvvəl Nino Burcanadze Gürcüstanın spikeri idi, bir dəfə səhv eləmirəmsə, Parisdə NATO Parlament Assambleyasının iclasına dəvət olunmuşdu. O, orada çıxışı zamanı bildirdi ki, Rusiya qaz kəmərlərini partladıb, qaz vermir, bizi qışın soyuğunda dondurub öldürmək istəyir və sair. Amma bircə kəlmə də demədi ki, bəs  niyə donub ölmədik. Ona görə ki, Azərbaycan özünün bir çox kənd rayonlarının qazını kəsdi, Gürcüstanın şəhərlərinə qaz verdi ki, bizim rayonlarda camaat odun yandırıb qızına bilər, Gürcüstandakılar soyuqdan donub ölməsinlər. Yaxın qonşu kimi biz öz etibarlılığımızı, öz ləyaqətimizi göstərdik. Bundan başqa elə həmin iclasda ona sual verdilər ki, bəs Kosovonun həlli variantı keçmiş sovet respublikalarındakı münaqişələrə tətbiq oluna bilərmi? Dedi ki, bu, nə Moldovaya tətbiq oluna bilər, nə də Gürcüstana. Qarabağın adını da çəkmədi. Yəni bu artıq həmin ölkə rəhbərliyinin Azərbaycana olan  münasibəti idi. Sözsüz ki, bundan sonra tezliklə o, siyasi elitadan uzaqlaşdırıldı.
Sadəcə, mən bunu qeyd eləmək istəyirəm ki, Azərbaycan Gürcüstana münasibətdə dəfələrlə ləyaqətlə davranıb. 2008-ci ildə Rusiya ilə müharibə zamanı biz Gürcüstana tibbi-humanitar yardım göstərdik. Bakı–Tbilisi–Ceyhan qaz kəməri çəkilərkən güzəştli tariflər müəyyənləşdirdik, onların kreditlərini ödədik. Gürcüstana bu gün ucuz qiymətə qaz satılır. Gürcüstanın ticarət dövriyyəsində Azərbaycan onun dördüncü tərəfdaşıdır. İnvestisiya qoyuluşuna görə isə Azərbaycan birinci yerdədir. Belə olduğu halda biz özümüzü elə aparmamalıyıq ki, sanki heç nə baş verməyib. Hesab edirəm ki, ən azı, Gürcüstanın Bakıdakı səfiri bizim Xarici İşlər Nazirliyinə dəvət olunmalı və ona deyilməlidir ki, sizin bu hərəkətiniz ləyaqətsiz bir hərəkətdir. Biz Gürcüstan xalqına, Gürcüstandakı bütün ictimai-siyasi təşkilatlara müraciət eləməliyik.  Gürcüstan deyir ki, Rusiya bizim torpaqlarımızı işğal edib, işğalçı dövlətdir, Ermənistan da Azərbaycanın torpaqlarını işğal edib, işğalçı dövlətdir. İki işğalçı dövlət arasında sən əlaqə yaradırsan, ancaq beynəlxalq hüquqdan, haqdan, ədalətdən danışırsan. Özü də bunu kimə qarşı edirsən? Azərbaycana münasibətdə edirsən. O yollar açılsa, sənin qazancın nə olacaq?  Heç nə. Amma Azərbaycan bildirməlidir ki, bununla Gürcüstan çox şey itirəcək.
Mən düşünürəm ki, doğrudan da, Azərbaycan bu məsələlər barədə  öz etirazını bildirməlidir. Biz özümüzü elə aparmamalıyıq ki, – bir daha söyləyirəm, – sanki heç nə baş vermir. Yəni işğal altındakı torpaqlar üzərindən bunlar dəmir yolu xətti açmaq istəyirlər. Bilirsiniz, bu nəyə bənzəyir? Bu, sadəcə olaraq, sanki Azərbaycan...
Sədrlik edən. Çox sağ olun. Yəni demək istəyir ki, bu o deməkdir ki, elə bil  Azərbaycan Dağlıq Qarabağın üstündən xətt çəkir. Başa düşdüm. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən də qarşıdan gələn 2018-ci ilin bütün millətimiz üçün düşərli olmağını arzulayıram. Ölkə başçısı başda olmaqla bütün millətimizə, hörmətli cənab Sədr, Sizə, bütün həmkarlarımıza uğurlar diləyirəm. Cənab Sədr, dekabrın 3-də bildiniz ki, ölkə rəhbəri Tərtərə səfər elədi, orada məcburi köçkünlər və qaçqınlar üçün salınmış qəsəbəni açdı. Eyni zamanda, həmin tədbirin efir məkanında işıqlandırılması zamanı biz şahidi olduq ki, ermənilərin 1978-ci ildə İrandan köçürülməsini özündə əks etdirən “Marağa–150” abidəsinin dağıdılmış kiçik hissələri bərpa olunubdur. Bu çox təqdirəlayiq bir tədbir idi və düşünürəm ki, dövlət siyasətinin daha strateji məna daşıdığını göstərir. Biz uzun illər beynəlxalq məkanda bəyan edirik ki, ermənilər Azərbaycanın bütün  irsini, maddi-mənəvi aləmini, dayaqlarını silmək üçün hər cür vasitələrdən istifadə edirlər. Amma Bakıda erməni kilsəsi var. O cümlədən “Marağa–150” abidəsi də dediyimiz kimi, elə bir nümunələrdən biridir. Ölkə rəhbərinin tapşırığı ilə 60-dan artıq səfirlik, diplomatik korpus təmsilçiləri oraya səfər elədilər, Ağdərənin həmin Şıxarx qəsəbəsini gördülər. Bu da bizim  informasiya məkanında xeyrimizə işləyən tədbirlərdəndir.
Ancaq biz uzun müddətdir bəyan edirik ki, ermənilərlə savaş getməsinə baxmayaraq, Azərbaycanda 30 minə qədər erməni yaşayır. İndi demoqrafik cəhətdən onların sonrakı şəcərəsini təsdiq eləmək imkanımız yoxdur. Biz iddia eləmirik ki, onlar əllərinə  silah götürüb Azərbaycan qarşısında bu ölkənin çörəyini yediklərinə, suyunu içdiklərinə görə öhdəliklərini yerinə yetirsinlər. Gedib bir kiçik bölük yaratsınlar, ermənilərə qarşı döyüşsünlər, erməni erməniyə güllə atsın. Mən bilmirəm, bəzən xatirələrdə kim isə deyir ki, 1990-cı illər savaşında belə bir erməni olub. Ancaq biz, heç olmasa, təklif edirik ki, “Marağa–150” abidəsinə baxmağa gedənlərin sırasında bir 3–4 dənə erməni təşkil edib aparmaq lazımdır. Bu ona işarə olacaq ki, bu abidəni tanıyırlar, ona yaşarlıq verirlər, legitimlik qazandırırlar. Bu da heç şübhəsiz ki, qarşı tərəfdə müxtəlif reaksiyalar doğuracaq. Bunun siyasi təsiri olacaq. Çünki biz siyasətə bir şəkil kimi yanaşmalı deyilik. Bu, çoxməhsullu bir tənlikdir. Böyük bir matrisa tənlikdir. Burada çoxlu komponentlər var. Azərbaycandan keçib gedən bir Fəxrəddin Abbaszadənin üzərindən bir televiziya yaradıb, etnik separatizmi illərdir ki, bizim əleyhimizə həyata keçirirlər. Mən  baxıram, əvvəllər onun verilişlərini 500 adam izləyirdisə, indi 15 mindən, 20 mindən artıqdır. Biz də ermənilər üzərindən bu siyasəti qurmağı bacarmalıyıq. Mahiyyəti dəyişəcək, ya dəyişməyəcək, bundan asılı olmayaraq bu ideoloji-siyasi sistem olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fikirləriniz yaxşıdır. Ancaq təşkil edib aparmağın heç bir mənası yoxdur. Əgər onların öz qabında varsa, onlar gedə bilərlər. Amma təşkil edib aparmağın xeyri yoxdur. Qənirə Paşayeva.
Q.Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bütün həmkarlarımı, bütün jurnalistləri və  xalqımızı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Mən 2 məsələ ilə bağlı fikirlərimi söyləmək istərdim. Daha doğrusu, iki qrup insanların xahişlərini diqqətə çatdırmaq istərdim. Ötən gün qarşıdan gələn bayramlarla bağlı əlil təşkilatlarının keçirdiyi tədbirdə biz də iştirak edirdik. Tədbir çərçivəsində onların bir xahişi oldu. Dedilər ki, bu bayram günlərində bizə ən böyük hədiyyə  bu məsələnin Milli Məclisdə qaldırılması və yaxın zamanlarda həmin məsələyə baxılması olar, çünki onların içərisində ödənişli ali təhsil alan  əlil gənclər var. Onlar deyirlər, dövlət bizə müavinət verir ki, bir az da olsa sosial problemlərimizin həllinə dəstək olsun. Amma biz ali təhsil almaq arzusunda olduğumuz üçün ali məktəbi çətinliklərə rəğmən qazanırıq, amma ödənişli təhsil olduqda ali təhsil müəssisələrində bizim çox ciddi problemlərimiz yaranır.  Ali məktəblərdə təhsil alan əlil  gənclərin sayı o qədər də çox deyil. Onlar xahiş edirlər ki, əlil gənclərin ali məktəblərdə ödənişli təhsildən azad olunması məsələsinə baxılsın. Bu, əlil gənclərə stimul olar ki, onlar oxuyub, ali təhsil alıb öz həyatlarını xilas edə bilsinlər və cəmiyyətə də yararlı vətəndaşlar olsunlar. Onlar bu xahişlərini söylədilər, mən də sizlərə çatdırıram ki, Milli Məclisdə bu məsələ qaldırılsın,  yaxın zamanlarda əlillərin ali məktəblərdə ödənişli təhsildən azad edilməsi məsələsinə baxılsın.
İkinci bir məsələ. Ümummilli liderimiz Heydər Əliyev Dünya azərbaycanlılarının həmrəyliyi gününü təsis etdikdə bu günün mahiyyəti, əslində, hamımıza aydın idi. Amma biz xarici ölkələrdə olanda orada yaşayan azərbaycanlılar həmişə bir təkliflə çıxış edirlər. Nəzərə alaq ki,  Azərbaycanın hüdudlarından kənarda yaşayan azərbaycanlıların əksəriyyəti latın dilində oxuya bilmir, istər İran içərisində Cənubi Azərbaycanda olan azərbaycanlılar, istərsə də Dağıstanda olan azərbaycanlılar müxtəlif əlifbalar ilə təhsil alırlar. O azərbaycanlılar ki, neçə nəsildir gediblər, onlar xahiş edirlər, Azərbaycanın televiziyalarında,  – bunu dövlət büdcəsindən  vəsait alan televiziyalar edə bilərlər, –  Azərbaycan dili dərsləri, verilişləri aparılsın ki, bizim böyüyən uşaqlarımız Azərbaycan dilində oxuya bilsinlər. Biz Azərbaycanda nəşr olunan kitabları oxuya bilmirik, mətbuatını və saytları izləyə bilmirik. izləyə bilmirik. Çünki latın əlifbasında oxuya bilmirik. Ona görə xahiş edirəm ki, bu məsələni də nəzərə alaq. Televiziyalarımız üzərinə, özəlliklə dövlət büdcəsindən maliyyələşən... 
Sədrlik edən. Sağ olun. Rasim Musabəyov.
R.Musabəyov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də həmkarlarımı Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə təbrik etmək istərdim. Hamıya uzun ömür, can sağlığı, səadət arzulayıram. Bu gün qaldırılan bir məsələyə fikrimi bildirmək istərdim. Gürcüstanın Abxaziya və Cənubi Osetiya vasitəsi ilə ermənilərə çıxış verməsi məsələsi, əslində, təəccüb doğurur. Burada Gürcüstanın hansısa bir marağının təmin olunması görünmür, ancaq Azərbaycanda narahatlıq yaradır. Mən bu məsələ ilə bağlı sosial şəbəkədə və mətbuatda öz şərhlərimi vermişəm. Ona görə qısaca deyəcəyəm. Baxın, indi Gürcüstanın muxtariyyətlərinin müstəqilliyini beynəlxalq hüquqa zidd olaraq Rusiya tanıyır. Ermənistan bütün beynəlxalq qurumlarda, – BMT-dir, Avropa Şurasıdır, – Gürcüstanın ərazi bütövlüyünə şübhə yaradan bəyanatları dəstəkləyir və onun ərazi bütövlüyünün, demək olar ki, əleyhinə çıxır. İndi bunlar üçün yol açması Gürcüstana heç bir fayda vermədiyi halda, Azərbaycanda narahatlıq yaradır. Nəzərə alınsa ki, Azərbaycan–Gürcüstan müttəfiqliyi, bizim strateji əməkdaşlığımız, həm Gürcüstanın, həm də Azərbaycanın geosiyasi çəkisinin artması  bir çox ölkələrdə narahatlıq yaradır və onlarda bunun dağılması istəyi var, düşünürəm ki, bu layihə ortaya bu səbəbdən atılır.
Keçən il Ermənistandan keçərək İrandan Gürcüstana qazın çatdırılması söhbətləri, biz özümüz gördük ki, heç bir nəticə verməyən boş sözlər olaraq ortalıqdan çıxdı. Düşünürəm ki, bu nəqliyyat layihəsi də ortalıqdan çıxacaq. Ancaq vacibdir ki, Azərbaycanla Gürcüstan arasında olan etimad pozulmasın. Ona görə biz hansısa narahatlığımızı Gürcüstana çatdırdığımız zaman düşünməliyik ki, bizim bu narahatlığımızın ifadə olunması Azərbaycan tərəfindən Gürcüstanın suverenliyinə təzyiq kimi qəbul edilməsin. Biz müttəfiqik, ancaq bu, o demək deyil ki, yaranan narahatlıqları bölüşməməliyik. Əksinə, onları aradan götürməliyik. Bu qədər, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Rasim müəllim. Mən bu haqda danışmaq istəmirdim, ancaq mətbuata baxanda gördüm ki, Gürcüstanın siyasi icmalçılarından bir neçə nəfəri bu haqda kəskin danışıb və Azərbaycan–Gürcüstan əlaqələri, strateji tərəfdaş olduğumuz haqqında Sizin dediklərinizin hamısını söyləyib. Ən çətin vaxtlarda Azərbaycan o dövlətə dəstək olub, bunlar hamısı bilinir. Ola bilər ki, Gürcüstanda kimlərsə nəsə desinlər, ancaq mənim də inanmağım gəlmir ki, gürcü xalqı, gürcü dövləti belə bir hərəkət eləsin, strateji tərəfdaşlıqda ermənilərə dəstək vermiş kimi olsun.
Bir də onu nəzərə alaq ki, biz Bakı–Tbilisi–Qars  dəmir yolunu çəkmişik.  Gürcüstan həmin dəmir yolunun tamhüquqlu yiyələrindən biridir və bu, iqtisadi cəhətdən də əl verməyən bir məsələdir. Mən görürəm, siyahıda Əflatun Amaşov yazılıb. O da çıxış eləsin, sonra tapşırarıq, bizim dostluq qrupumuz öz münasibətini bildirsin. Görsünlər nə məsələdir, dəqiqləşdirsinlər, sonra biz də fikrimizi bildirərik. Əflatun Amaşov.
Ə.Amaşov. Hörmətli Sədr, hörmətli həmkarlar, əziz media nümayəndələri! Əslində, mən başqa məsələlərdən söz açmalı idim. Məndən əvvəl həmkarlarım Gürcüstanla Rusiya arasında alternativ nəqliyyat dəhlizi ilə bağlı narahatlıqlarını bildirdilər. Hesab edirəm ki, Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri kimi mən də burada öz fikrimi bildirməliyəm.
Hörmətli cənab Sədr, əslində, məsələnin kökündə nə dayanır? Hələ 2011-ci ildə Gürcüstanla Rusiya arasında gömrük məsələləri ilə bağlı müqavilə imzalanmışdı. Sənəddə Yuxarı Lars nəqliyyat dəhlizinə alternativ olan Abxaziya və Cənubi Osetiyadan keçən yolların bərpası və istifadəsi nəzərdə tutulurdu. Yüklərin monitorinqi isə İsveçrə şirkətlərindən birinə tapşırılmışdı. Artıq Gürcüstan tərəfi bu il dekabrın 19-da həmin şirkətlə müqavilə bağlayıb. Rusiya da yaxın günlərdə müqavilə bağlaya bilər. Eyni zamanda, Gürcüstanın Baş naziri cənab Georgi Kvirikaşvili parlamentdə həmin marşrutdan yalnız fors-major hallarında istifadə ediləcəyini vurğulayıb. Həmkarlarımın narahatlığı bununla bağlıdır və  başa düşüləndir. Ancaq mən inanmıram ki, Gürcüstan öz milli maraqlarına zidd olaraq belə bir addım atsın. Belə olarsa, Gürcüstan ondan zorla qoparılaraq işğal edilmiş Abxaziyanın və Cənubi Osetiyanın müstəqilliyini tanımış ola bilər. Gürcüstan onu da yaxşı bilir ki, belə bir addım özünün strateji tərəfdaşı olan Azərbaycanın da milli maraqlarına ziddir. Çünki alternativ dəhlizdən daha çox işğalçı Ermənistan faydalanacaqdır. Bu da işğalçıya dəstək kimi qiymətləndirilə bilər. Onu da deyim ki, alternativ dəhliz dedikdə, əsasən, Abxaziyadan keçən dəmir yolu nəzərdə tutulur. Kim təminat verə bilər ki, belə bir gərgin zamanda həmin dəmir yolu ilə işğalçı Ermənistana, hətta Dağlıq Qarabağa çoxsaylı silah-sursat daşınmayacaq? Bütün bunları Gürcüstan tərəfi yaxşı bilir, bunu da yaxşı bilir ki, Ermənistan Gürcüstanla Azərbaycanın yaxın münasibətindən çox narahatdır. Hər vəchlə bu münasibətləri pozmağa can atır.
Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyib. Heç zaman mümkün deyil ki, Azərbaycan iqtisadi və siyasi əhəmiyyətli razılaşmalarda, əməli işdə Abxaziyanın və Cənubi Osetiyanın işğalı faktını nəzərə almasın. Ermənistan isə belə deyil. İşğalçı dövlət, hətta BMT-nin Gürcüstanın işğal olunmuş ərazilərində yaşayan əhalinin doğma yurdlarına qayıtmasına dair qətnaməsinə belə səs verməyib. Bütün bunlara görə, mən düşünürəm ki, həmin addımın atılması gözlənilən deyil. Görürəm, həmkarlarım narahatdırlar, bu səbəbdən məsələyə həssas yanaşmalıyıq. Gürcüstan hər baxımdan bizə yaxın olan ölkədir. Bunları nəzərə alıb, Oqtay müəllim, Siz dediyiniz kimi, Azərbaycan–Gürcüstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu adından millət vəkillərinin bu narahatlığını qarşı tərəfə çatdırarıq.
Sədrlik edən. Aydın oldu, çox sağ olun. Aytən Mustafazadə.
A.Mustafazadə. Hörmətli Sədr, hörmətli həmkarlar! Qarşıdan gələn Yeni il münasibəti ilə hamını təbrik edirəm və qeyd etmək istəyirəm ki, keçən il Azərbaycan üçün uğurlu olub. Dünyada baş verən iqtisadi, siyasi böhranlara, müharibələrə, terrorun baş qaldırdığı zamanın olmasına baxmayaraq, şükürlər olsun ki, Azərbaycanda əmin-amanlıq qorunub saxlanılır. Bu, Azərbaycan xalqı üçün ən böyük töhfədir. Onu da qeyd edim ki, cənab Prezidentin rəhbərliyi altında həyata keçirilən Şərq–Qərb layihəsi, Cənub–Şimal layihəsinin reallaşması Azərbaycanın dünyada rolunu daha da möhkəmləndirir və nüfuzunu artırır, bunları unutmaq olmaz. Təbii ki, biz il ərzində problemlərin həlli ilə məşğul oluruq. Sosial problemlər  haqqında mən çox danışıram və buna diqqət yetirirəm. Bunu demək lazımdır ki, son zamanlar bu sosial problemlərin həlli istiqamətində çox böyük addımlar atılıb. Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanımın rəhbərliyi altında sosial problemlərin həlli üçün çox böyük əmək sərf olunub. Bunun üçün hesab edirəm ki, bu  il çox uğurlu olub və gələn il də bu uğurların davamını arzu edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Tahir Kərimli.
T.Kərimli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də öz növbəmdə bayramlar münasibəti ilə hamını təbrik edirəm. Ümid edirəm ki, yeni ildə milli həmrəyliyimiz daha da artacaqdır. Biz bu yaxınlarda Türkiyədə islam ölkələrinin iştirakı ilə Qüds Konfransının şahidi olduq və bizdə belə bir fikir yarandı ki, nəhayət,  biz özümüz də ciddi şəkildə hazırlaşmalı, Qarabağa dair beynəlxalq konfrans keçirilməsinə nail olmalıyıq. Mənim birinci düşüncəm bundan ibarətdir. Bu istiqamətdə Xarici İşlər Nazirliyi, müvafiq qurumlar çox işləməlidirlər, çünki bunun vaxtı, məncə, çatmışdır.
İkinci məsələ, dövlətimiz sağ olsun, müəyyən əmsallar tətbiq etmək şərti ilə sovet dövründə qoyulmuş əmanətləri qaytardı. Ancaq 1992-ci ildən sonra da müəyyən əmanətlər qoyulub. Həm dövlətimizin etibarının artması, həm də vətəndaşların əmanətlərinin ödənilməsi istiqamətində addımlar atmaq olar. Bu elə də böyük məbləğ deyil, həmin əmanətlərin qaytarılması yaxşı olar.
Üçüncü, məni çox narahat edən məsələlərdən biri odur ki, demək olar, bütün postsovet məkanında hər gün təkrar olunan bir mənzərəni görürük. RTR, ORT, NTV, SBS kanalları hər gün mütəmadi şəkildə  Azərbaycanı, Türkiyəni aşağılayan təbliğat aparırlar.  Fürsətdən istifadə edib cənab Kalaşnikov buraya gələndə Mixail Zabelinin ona çox gözəl və dürüst cavab verməsini alqışlayıram, sağ olsun. Doğrudan da, bizim yadımızdan çıxmır, Nəvahi kəndində ermənilər 1500-ə yaxın  azərbaycanlını qətlə yetirmişdilər. O zaman cümhuriyyət dövrünü çıxmaq şərti ilə hakimiyyətdə kimlər olub? Saakyanlar, şaumyanlar, mirzoyanlar, lalayanlar və sair. Ümumiyyətlə, mən hesab edirəm ki, Rusiya–Azərbaycan parlamentlərarası dostluq qrupuna da demək lazımdır ki, biz bu qədər tolerant münasibət göstəririk, amma onlar nə edirlər? Gürcüstan haqqında deyilənləri də müdafiə edirəm. Niyə bizə qarşı bunlar bu qədər aqressivdirlər, bu qədər mənfi təbliğat aparırlar? Bunun qarşısını almaq lazımdır. Fürsətdən istifadə edilərək bəlkə bizim səfirliyimizdə bir bölmə yaradılardı, bəlkə bu, fayda verə bilərdi. Çox sağ olun. 
Sədrlik edən. Çox sağ olun, hörmətli Tahir müəllim. Dediklərinizdə bəzi həqiqətlər var, amma orada Azərbaycanı dəstəkləyən fikirlər də var. Birinci, elə Rusiyada, Moskvanın özündə ermənilərdən iki dəfə, üç dəfə çox azərbaycanlı yaşayır. Ancaq hansı verilişi açırsan, iki erməni, iki yəhudi, iki rus görürsən. Yaxşı, bizimkilər də çıxsınlar da, onları tutub saxlayan yoxdur ki. Hansı bir insan təşəbbüs eləyib, çıxıb orada iştirak eləmək istəyib? Bu öz zəifliyimizdir, o birilərinin boynuna qoymayaq. Fuad Muradov, buyurun.    
F.Muradov. Təşəkkür edirəm, Oqtay müəllim. Hörmətli millət vəkilləri, əvvəla, qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə başda cənab Prezident, onun siyasi komandası olmaqla, Oqtay müəllim, Sizi, bizim hörmətli vitse-spikerlərimizi təbrik edirəm. Azərbaycanda 2017-ci ildə həyata keçirilən islahatlar öz nəticəsini verib və bu gün büdcəyə baxanda görürük ki, bütün istiqamətlərdə irəliləyiş var, Azərbaycanın qüdrəti cənab Prezidentin apardığı siyasi kursun nəticəsində durmadan artır. Təbii ki, dövlət aparatlarında işləyən insanların, Milli Məclis deputatlarının, yəni hakimiyyətin bütün qollarının birgə fəaliyyəti nəticəsində biz bu gün bu nailiyyətləri əldə eləmişik.
Oqtay müəllim, 2017-ci ildə Azərbaycan parlamentində çox ciddi inkişaf getmişdir. Bizim beynəlxalq təşkilatlarla münasibətlərimizdə, ikitərəfli, çoxtərəfli görüşlərimizdə Azərbaycanın haqlı mövqeyinin müdafiə olunmasına, onun haqq səsinin beynəlxalq təşkilatlarda səslənməsinə, bunların hamısına koordinasiya şəklində müxtəlif  dövlət qurumları ilə birgə  nail olunmuşdur. Burada, təbii ki, Sizin də xüsusi bir rolunuz var. Azərbaycanda həyata keçirilən islahatlar gənclər və idman sahəsinə də toxunmuşdur. Artıq Azərbaycan bütün dünyada idman paytaxtı, idman ölkəsi kimi tanınır. Cənab Prezidentin bu istiqamətdə həyata keçirdiyi işlər hər bir beynəlxalq idman təşkilatında çox yüksək qiymətləndirilib. Müxtəlif mükafatlar, müxtəlif ödüllər, siyasi prizlər alınmışdır. Bu bir daha onu göstərir ki, bizim gələcəyimiz inkişafla bağlıdır, bizim gələcəyimiz yüksək səviyyəli intellektual insanlarla bağlıdır.
Təbii ki, Azərbaycanın həyata keçirdiyi müstəqil siyasətin bu gün bəhrəsini verməsini hamımız görürük və  bunu dəstəkləyirik. İnanıram ki, gələn il də, Oqtay müəllim, bu istiqamətdə bizim işlərimiz davamlı olacaq. Düzdür, hərdən sosial şəbəkələrdə Milli Məclis deputatları haqqında müxtəlif söhbətlər olur. Amma bizim də istiqamətimiz, bizim də işimiz ondan ibarət olmalıdır ki, ölkədə gedən islahatları dəstəkləyək, o islahatları sadə insanlara çatdıraq. Mənə elə gəlir ki, parlamentdə bu iş yüksək səviyyədə həyata keçirilir. Əlbəttə, hər bir ölkənin müstəqil siyasəti var və Siz düzgün dediniz ki, biz ilk növbədə öz müstəqilliyimizi, dövlətçiliyimizi düşünməliyik. Ulu öndər Heydər Əliyevin ideyaları həmişə yaşayır və gələn il biz onun 95 illiyini, cümhuriyyətin isə 100 illiyini qeyd edəcəyik. Gələn ilin noyabr ayında “Expo 2025” sərgisi  keçiriləcək, işlərimiz çoxdur. Milli Məclisin hər bir deputatına uğurlar arzu edirəm.
Sədrlik edən. Çox sağ olun, Fuad müəllim. Mən də fürsətdən istifadə edib Milli Məclisin futbol komandasını təbrik eləmək istəyirəm. Bilirəm ki, bu yaxınlarda bizim millət vəkilləri oynayıblar, qalib də gəliblər, həmişə qalib gələsiniz. (Alqışlar.) Musa Qasımlı.
M.Qasımlı. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Mən ilk növbədə, hörmətli cənab Sədr, Sizi, hörmətli millət vəkillərini, jurnalistləri, hamını bayramlar münasibəti ilə təbrik edirəm. Yeni ilimiz uğurlu olsun. Üç məsələ barədə qısaca fikirlərimi söyləmək istəyirəm. Birinci, 2017-ci il ölkəmizin daxili və xarici siyasətində bir sıra mühüm hadisələrlə yadda qaldı. İlk növbədə XXI əsrin müqaviləsinin imzalanması və Bakı–Tbilisi–Qars dəmir yolunun işə düşməsi ilə Azərbaycan nəqliyyatkommunikasiya mərkəzinə çevrildi, bu bizim ölkəmizə uğurlar gətirəcək.
İkinci, həmkarlarımın söylədiyi kimi, Gürcüstandan dəmir yolunun açılması ilə bağlı, Oqtay müəllim, Gürcüstanda heç də hamı dəmir yolunun açılmasının tərəfdarı deyil, onun əleyhinə olanlar da var. Abxaziyada Baqramyan batalyonu Gürcüstanın əleyhinə döyüşərkən, gürcüləri qətlə yetirərkən, onları öldürərkən Gürcüstanda yaşayan azərbaycanlılar Gürcüstanın ərazi bütövlüyü, suverenliyi və müstəqilliyi uğrunda canlarından keçiblər. Bunu qiymətləndirən gürcülər var və hesab edirəm ki, bizim mətbuatımız bu məsələyə xüsusi diqqət yetirməlidir.
Hörmətli cənab Sədr, üçüncü məsələni, xahiş edirəm, 2018-ci ildə diqqətə alasınız. Ölkəmizdə senzura yoxdur. Mətbuat, televiziya tam azaddır. Amma bu gün çox ürəkağrıdıcıdır ki, bizim  televiziya kanallarında qəhrəmanlarımızın milli kimliyi sual altına alınır. Nizami Gəncəvinin milli kimliyi, abidələrimizin  mənsubiyyəti sual altına alınır. Hesab edirəm ki, bunların hamısı xarici mərkəzlər tərəfindən işarələnir, istiqamətləndirilir və maliyyələşdirilir. Son yekun bundan ibarətdir ki, sən mədəniyyət yaradan bir xalq deyilsən, sən buraya gəlməsən, buralar sənin deyil. Ona görə televiziya rəhbərlərini, – bilirəm, xoşlarına gəlməyəcək, – məsuliyyətli olmağa çağırıram. Şoular təşkil edib millətin şüuruna şübhə qatmaq lazım deyil.
Hörmətli Oqtay müəllim, Siz bizim tariximizin gözəl bilicisi kimi bu məsələyə müdaxilə etməlisiniz. Başa düşürəm, senzura yoxdur, hökm yoxdur, amma televiziya rəhbərləri, mətbuat nümayəndələri kifayət qədər məsuliyyətli olmalıdırlar. Çünki bizim üçün başlıca hədəf milli dövlət maraqlarımızdır. Bundan bir addım da geri çəkilmək olmaz. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Məmmədov.
H.Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu, 2017-ci ildə son iclasımızdır. Düşünürəm ki, 2017-ci ili qısaca xarakterizə edərək nələr əldə etdiyimizi qeyd etmək lazımdır. Çünki bunda fayda var. 2017-ci il həm siyasi hadisələr baxımından, həm iqtisadi islahatlar baxımından, həm də institusional islahatlar baxımından olduqca əhəmiyyətli il oldu. Biz bilirik ki, 2017-ci ilin simasını müəyyənləşdirən əsas və mühüm hadisələrdən biri Azərbaycan Prezidentinin 2017-ci ili İslam həmrəyliyi ili elan etməsi idi. Burada, hörmətli həmkarlar, mühüm bir hadisə baş verdi. Yəni 2017-ci ildə İslam həmrəyliyi çağırışı, əslində, sivilizasiyalararası, mədəniyyətlərarası dialoq kimi təqdim olundu. Mən düşünürəm ki, beynəlxalq münasibətlərin hazırkı mürəkkəb mərhələsində bir müsəlman ölkəsinin belə təşəbbüslə çıxış etməsi və islam dəyərlərini dünyaya bu şəkildə təqdim etməsini bacarması xüsusi qeyd olunası hadisə idi. Əlbəttə ki, İslam həmrəyliyi oyunları da buna xidmət edən məsələlərdən biri idi.
Başqa bir məsələ 2017-ci ildə vitse-prezidentlik institutunun funksional şəkildə  tətbiq olunması məsələsi idi və bu da gözümüzün qabağındadır ki, sosial problemlərin həllində institusional idarəetmənin təkmilləşməsinə nə qədər mühüm töhfələr verib. Bundan başqa hamımızın mühüm hesab etdiyimiz bir sahə də var ki, bu da Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ probleminin həlli məsələsidir. 2016-cı ildən sonra bu problemin həlli ilə bağlı danışıqlarda müəyyən fasilələr yaranmışdı. Amma Azərbaycan Prezidentinin qətiyyətli mövqeyi sayəsində heç bir güzəşt olmadan danışıqlar bərpa olundu. Nəhayət, elə bir neçə gün bundan əvvəl Xarici İşlər Nazirliyi də 2017-ci ildəki xarici siyasəti izah edərkən bildirdi ki, 2017-ci il substantiv və intensiv danışıqlar ili kimi yadda qaldı.
Ən mühüm hadisələrdən biri, əlbəttə ki, Azərbaycanın Avropa İttifaqı ilə Şərq Tərəfdaşlığı proqramı çərçivəsində əməkdaşlığı oldu. Burada önə çıxan ən mühüm məsələ isə ondan ibarət idi ki, 2016-cı ildə Riqada Avropa İttifaqının bəyanatında Azərbaycanın ərazi bütövlüyü qeyd olunmuşdu. Yenə Azərbaycan diplomatiyasının uğurudur ki, son görüşlərdə bu məsələ xüsusi qeyd olundu. Beləliklə, ümumiləşdirməyə çalışsaq, əlbəttə ki,  elə təsdiq etdiyimiz büdcəni də mühüm hadisə kimi qiymətləndirə bilərik. Postdevalvasiya büdcəsi ölkənin müdafiə qabiliyyətini artırmaqla, həm də təhlükəsizliyimizi təmin etməklə bərabər, eyni zamanda, bütün sosial layihələri həyata keçirəcək bir büdcə kimi təsdiq olundu. Burada mənim həmkarlarım bir məsələyə toxundular...
Sədrlik edən. 40 dəqiqədir, danışırıq, ona görə. İlham Əliyev də buyursun. Heç kimin sözünü kəsmədim, vaxtınıza baxın, 3 dəqiqədir.
İ.Əliyev. Təşəkkür edirəm, Oqtay müəllim. Müzakirələrə yazılmış son çıxışçı kimi istəyirəm, bugünkü müzakirələrimizi xoş notlarla başa çatdıraq. Mən də fürsətdən istifadə edib qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə möhtərəm cənab Prezidentimizi, onun komandasını, Sizi, bizim parlamentimizin Sədrini, vitse-spikerləri və bütün həmkarlarımı təbrik edirəm. Biz hamımız bilirik və məndən qabaq çıxış edən həmkarlarım da burada çox dəqiq qeyd etdilər ki, il çox uğurlu olub. Mən özüm kənd dairəsindən seçildiyimə görə, bilirsiniz ki, aqrar sahə mənim üçün daha əzizdir. Cənab Prezidentin prioritet sahə saydığı aqrar sahədə neçə-neçə uğurlarımız olub, neçə-neçə yeni obyektlər açılıb, istehsal sahələri yaradılıb.
Yeganə bir şeyi deyə bilərəm ki, – hamımızın məlumatımız var, – bu il pambıq yığımı 200 min tonu keçib. Bu özü böyük bir göstəricidir. İki il bundan qabağı mən dəqiq deyə bilmərəm. Mən bir şeyi deyə bilərəm ki, əfsuslar olsun, müəyyən rayonlarda pambığın yığımı bir az aşağı olub, o da su ilə bağlıdır. Bilirsiniz ki, cənab Prezidentin göstərişi ilə o rayonlara Meliorasiya və Su Təsərrüfatı İdarəsi böyük kanallarla su çəkir. İnanıram ki, üzümüzə gələn illərdə respublikamızda bu rəqəm bəlkə də ikiyə və üçə vurula bilər. Hamıya can sağlığı, uzun ömür diləyirəm. Arzu edirəm ki, 2018-ci il bu ildən də uğurlu olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İndi gündəlikdəki məsələlərə keçirik. Gündəliyin birinci məsələsi Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakiminin təyin edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Cənab Prezident tərəfindən Konstitusiyaya müvafiq olaraq Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsi hakimi vəzifəsinə təyin olunmasından ötrü hazırda elə Naxçıvanda Ali Məhkəmənin hakimi qismində çalışan Qabil Neymət oğlu Məmmədovun namizədliyi təqdim olunub.
Məlumat üçün demək istəyirəm ki, Qabil Məmmədov fəaliyyətində müsbət xarakterizə olunduğuna görə Məhkəmə-Hüquq Şurası tərəfindən qiymətləndirmənin nəticəsində onunla bağlı belə bir təklif irəli sürülmüşdür. O, uzun illərdir, yəni 2003-cü ildən başlayaraq hakim vəzifəsində çalışır. Sonuncu dəfə 2010-cu ildə Naxçıvan Respublikası Ali Məhkəməsinin hakimi təyin olunmuşdu. Amma onun səlahiyyət müddəti 2008-ci ildən hesablanır. 10 illik səlahiyyət müddəti bitdiyinə görə, onun fəaliyyəti yenidən müsbət qiymətləndirilmiş və qeyd etdiyim kimi, qərara alınmışdır ki, o, yenidən Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin  hakimi kimi fəaliyyətini davam etdirsin. Qeyd etmək istəyirəm ki, qanunvericiliyə müvafiq olaraq onun bundan sonrakı fəaliyyəti artıq ömürlük təyinat kimi dəyərləndiriləcək. Hörmətli həmkarlardan Qabil Məmmədovun namizədliyinə müsbət səs vermələrini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mən də qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi və Yeni il bayramı münasibəti ilə parlamentimizin bütün üzvlərini ürəkdən təbrik edirəm. 2017-ci ildə çox səmərəli işləyən parlamentimizə 2018-ci ildə daha böyük uğurlar arzulayıram.
Eyni zamanda, müzakirə olunan məsələ ilə əlaqədar demək istəyirəm ki, Qabil Məmmədov Naxçıvan Muxtar Respublikasında və Azərbaycan miqyasında peşəkar bir hüquqşünas kimi, hakim kimi tanınır və qəbul olunur. Onun Naxçıvan Muxtar Respublikasında inzibati orqanlar mühitində kifayət qədər təcrübəli bir hüquqşünas kimi özünəməxsus böyük nüfuzu vardır və o, öz peşəkarlığı ilə, həm də dövlətçilik mövqeyi ilə həmişə qarşıya qoyulan məsələlərin ədalətlə, obyektiv şəkildə həll olunmasına kömək edib. Mən də Qabil Məmmədovun yenidən Naxçıvan Ali Məhkəməsinin hakimi seçilməsini bizim məhkəmə-hüquq sisteminin qiymətli bir mütəxəssislə, kadrla zənginləşməsi və inkişaf etdirilməsi kimi dəyərləndirirəm. Buna məmnuniyyətlə səs verəcəyəm.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.49 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 101
Nəticə: Qəbul edildi

Çox sağ olun, təsdiq olundu.
Qabil müəllim, təbrik edirik. Mikrofon verin.
Q.Məmmədov. Çox sağ olun. Mənim yenidən hakim fəaliyyətimin davamı üçün səs verdiyinizə görə minnətdarlığımı bildirirəm və qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibəti ilə hər birinizi təbrik edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz də Sizi təbrik edirik, sağ olun.
Gündəliyin ikinci məsələsi “Azərbaycan Respublikası Silahlı Qüvvələri taqımlarının Türkiyə Cümhuriyyəti Silahlı Qüvvələrinin taburu tərkibində və NATO strukturlarının ümumi komandanlığı altında Əfqanıstanda yerləşdirilməsinə və müvafiq əməliyyatlarda iştirak etməsinə razılıq verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin Qərarında dəyişikliklər edilməsi barədə buyursun Ziyafət Əsgərov. 
Z.Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hazırda 2012-ci il noyabr ayının 15-də qəbul olunmuş qərarla bizim Silahlı Qüvvələrimizin 4 taqımı Əfqanıstanda NATO strukturlarının komandanlığı altında Türkiyə Cümhuriyyətinin qoşunları çərçivəsində fəaliyyət göstərir, sülhyaratma missiyasını həyata keçirir. İndi təklif olunan variantda iki redaktə xarakterli dəyişiklik nəzərdə tutulur. Birincisi, bilirsiniz ki, biz 2016-cı il sentyabr ayının 26-da referendum keçirdik və referendumda Silahlı Qüvvələrin statusunda müəyyən qədər dəyişikliklər edildi. Yəni hazırda Əfqanıstanda bizim xidmət keçəcək  hərbi qulluqçularımız bütövlükdə Silahlı Qüvvələrin deyil, Azərbaycan ordusunun hərbi qulluqçuları olacaq, bu birinci məsələ.
İkinci məsələ. Artıq qeyd olunduğu kimi, orada “4 taqım” nəzərdə tutulur, amma yeni redaksiyada təklif olunur ki, bunun əvəzində “Azərbaycan Respublikası ordusunun kontingenti” nəzərdə tutulsun. Yəni o “4 taqım” sözləri  “kontingent” sözü ilə əvəz olunur. Bu da təbiidir, çünki “kontingent” daha geniş anlayışdır. Gələcəkdə bunların sayı azala da bilər, arta da bilər. Yəni bu 4 taqımla özümüzü məhdudlaşdırmayaq. Bax, bu dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Ona görə, xahiş edirəm, buna müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Oruc.
Z.Oruc. Təşəkkür edirəm, cənab Sədr. Mənim çox qısa bir qeydim var. Təbii ki, bu sənədə səs verəcəyik. Hörmətli Ziyafət müəllim məsələnin mahiyyətini tamlıqla izah etdi, cari məsələlər sırasında da millət vəkilləri qarşıdakı ilə yönəlik çox xoş duyğularını bölüşdürdülər. Hesab edirəm ki, burada bir  tamamlama yerinə düşərdi. Biz parlamentin dövlət quruculuğunda, beynəlxalq əlaqələrin formalaşmasında, parlament diplomatiyasının həyata keçirilməsində, ölkənin ictimai-siyasi həyatında fəal rolundan danışdıq və bu, doğrudan da, belədir. Ölkə rəhbəri də bu fəaliyyəti hər zaman ən yüksək zirvədən izləyərək deputatların fəaliyyətinə qiymət veribdir.
Dünən hörmətli həmkarımız Flora Qasımova da bu qiyməti öz üzərində yaşayıb, cənab Prezidentin “Şöhrət ordeni” ilə təltif etdiyi insanların sırasına qoşulub. Mən, təbii ki, xanım həmkarım olaraq Flora xanımı bu illər ərzində tanıdığımıza rəğmən görmüşəm ki, o, Qarabağ həyatını özünün tərcümeyi-halında iki formada yaşayır. Birinci, torpaq itkisi kimi, ikincisi, Qarabağın ilk nizamlı batalyonunu yaradan Şirin Mirzəyevin hansı ki, hərb tariximizdə görkəmli yeri var, həyat yoldaşı, ailə üzvü kimi. Mənim anlamımda dünənki orden həm də Qarabağ uğrunda vuruşmaya, milli qəhrəmanlarımıza  olan münasibətdir. Mən düşünürəm ki, cənab Prezident parlament üzvlərinin fəaliyyətini qiymətləndirərkən həm də bu məqamı nəzərə alır. Deputatlar qoy bir tərəfdən şöhrətli olsunlar, o biri yandan Qarabağ uğrunda vuruşmada hər zaman iştirak etsinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Biz artıq təbrik etmişik. Mən də elə bilirəm, sən gündəlikdəki məsələdən danışacaqsan. Cənab Prezidentin sərəncamı da çıxıb, Flora xanımın ad gününü də təbrik etmişik, ordenini də təbrik etmişik. Əgər başqa bir təklif yoxdursa, xahiş edirəm, dəyişikliklərə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti üçüncü məsələ Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir, üçüncü oxunuşdur. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Nəzərinizə çatdırmaq istəyirəm ki, biz artıq bu gün  Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında qanun layihəsinin üçüncü oxunuşunu həyata keçiririk. Mən fürsətdən istifadə edib, birinci və ikinci oxunuşlar zamanı qanun layihəsinin müzakirəsində fəal iştirak edən deputatlarımıza təşəkkürümü bildirmək istəyirəm. Həqiqətən, çox məhsuldar müzakirələr keçdi, yaxşı təkliflər verildi.
Bizim üçüncü oxunuşa hazırladığımız qanun layihəsi haqqında bir neçə kəlmə demək istəyirəm. Qanun layihəsi, bilirsiniz ki, V fəsil və 16 maddədən ibarətdir. Burada Azərbaycan Silahlı Qüvvələrinin strukturuna daxil olan bölmələrin idarə olunması, bütövlükdə hərbi terminlərin anlayışı, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət, Silahlı Qüvvələr qarşısında duran vəzifələr nəzərdə tutulub. İkinci oxunuşdan sonra biz qanunvericilik orqanının, daha doğrusu, qanunvericilik təşəbbüsünün subyekti ilə ikinci oxunuşda irəli sürülən fikirləri, təklifləri bir daha  ümumiləşdirdik. Təbii ki, yaranan sualların bir neçəsinə mən burada aydınlıq gətirmişdim. Biz razılığa gəldik ki, bəzi maddələrdə dəyişikliklər edilsin. İndi mən həmin dəyişikliklərin mahiyyəti ilə sizi tanış etmək istəyirəm.
Qanun layihəsinin 3-cü maddəsində söhbət Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təyinatından gedirdi. Silahlı Qüvvələrin təyinatından biri də bilirsiniz ki, Azərbaycan Respublikasının təhlükəsizliyi, milli maraqlarının təmin edilməsi və Konstitusiya quruluşunun qorunmasından ibarətdir. Amma burada “Konstitusiya quruluşu” əvəzinə “dövlət quruluşu” ifadəsi işlədilmişdi. Baxmayaraq ki, “dövlət quruluşu” ifadəsi  özü də Konstitusiya quruluşunun tərkib elementidir, amma nəzərə alındı ki, “Konstitusiya quruluşu” daha geniş anlayışdır və o, bizim Konstitusiyanın birinci bölməsində birinci və ikinci bölmələri özündə ehtiva edən institutlar şəklində cəmləşib, məcmu halında formalaşıb. O, daha geniş anlayış olduğuna görə, qərara alındı ki, Konstitusiya quruluşu formasında getsin. Çünki həm dövlətin idarəetmə forması, həm də onun dövlət quruluşu, əslində, Konstitusiya quruluşunun tərkib hissəsidir.
Digər bir məsələ. 4.1.1.10-cu maddədə öz fəaliyyətinin informasiya təhlükəsizliyini təmin etmək məsələsi var. Səhv etmirəmsə, hörmətli Tahir müəllim bu məsələni qaldırmışdı. Tahir müəllim, biz bu məsələni bir də digər qanunvericilik aktları ilə müqayisə etdik. Doğrudan da, məlum oldu ki, “Dövlət sirri haqqında” Qanunda bu məsələ gedir və bu məsələnin burada təkrar olunmasına ehtiyac yoxdur, ona görə də həmin maddə çıxarıldı.
Sonra, burada müəyyən mənada mübahisə doğuran məsələlərdən biri də 4.1.4-cü maddədir. Hətta deputat həmkarım Azay müəllim Quliyev daxili siyasi sabitlik ilə bağlı sual vermişdi. Deməli, bu ifadə də bu maddədən çıxarılır. Nə üçün? Çünki “Daxili qoşunlar haqqında” Qanunda bu məsələ artıq tənzimləndiyinə görə qərara gəlindi ki, bu məsələnin burada qalmasına ehtiyac yoxdur.
Sonra, digər bir məsələ təcavüz ilə bağlıdır. Bu məsələyə biz fikir verdik, həqiqətən, bizim qanun layihəsində maddələrin bəzilərində “hərbi təcavüz”, bəzilərində “xarici təcavüz”, bəzilərində isə sadəcə, “təcavüz” gedir. Bu məsələni Tahir müəllim qaldırmışdı. Biz beynəlxalq aktlara da baxdıq və məlum oldu ki, 1974-cü il dekabr ayının 14-də Birləşmiş Millətlər Təşkilatının Assambleyası tərəfindən qəbul olunmuş “təcavüz” anlayışında məhz elə təcavüzdən söhbət gedir. Yəni bütövlükdə bu “təcavüz” sözü  həm xarici təcavüzü, həm də hərbi təcavüzü özündə ehtiva etdiyinə görə,  “təcavüz” ifadəsi burada saxlanıldı.
Digər bir məsələ. Burada ictimai nəzarətlə bağlı məsələyə keçən dəfə mən aydınlıq gətirdim. 13.2-ci maddədəki məsələni Qüdrət müəllim  qaldırmışdı. Qanunsuz əmrlərin verilməsi və yerinə yetirilməsi  məsələsi ilə bağlı biz müzakirə apardıq və müzakirədə belə nəticəyə gəldik ki, bu məsələlər, məsələn, əgər əmr qanunsuz verilibsə, yaxud deyək ki, icra edilmirsə, digər məsələlər də ola bilər, bunlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 40-cı maddəsində əmrin və ya sərəncamın yerinə yetirilməsi, 117-ci maddədə silahlı münaqişə zamanı hərəkətsizlik etmək və ya cinayətkar əmr vermə və 328-ci maddədə əmri icra etməmə məsələləri kimi öz əksini tapıb. Ona görə də hesab etdik ki, bu, çərçivə qanunu olduğuna görə biz burada prinsipləri müəyyən edirik, amma əgər yenə deyirəm, qanunsuzluq varsa, qanunazidd əməllər varsa, bu artıq Cinayət Məcəlləsinin predmetinə daxil olan məsələdir və bu, Cinayət Məcəlləsi ilə tənzimlənəcəkdir.
Dəyişikliklər bu qədərdir. Hesab edirəm ki, bütövlükdə Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında Azərbaycan Respublikasının qanun layihəsini üçüncü oxunuşda Azərbaycan Respublikası Konstitusiyasının prinsiplərinə və hərbi doktrinamıza uyğunluğu baxımından, təhlükəsizlik konsepsiyası, digər hərbi normativ hüquqi aktlar və ümumiyyətlə, qanunvericiliyimizin prinsiplərinə uyğun gəlib-gəlməməsi baxımından bir daha yoxladıq. Hesab edirəm ki, həqiqətən, çox mükəmməl bir qanun layihəsidir. Biz maksimum dərəcədə çalışdıq ki, hörmətli deputatlarımızın burada qeyd etdikləri təkliflərə çox həssaslıqla yanaşaq. O məsələlər ki mümkün idi, o məsələlər ki doğrudan da, digər qanunvericilik aktlarının, birinci növbədə hərbi doktrinamızın, Konstitusiyamızın prinsiplərinə uyğun idi, əlbəttə, biz çalışdıq, onları həll edək.
Amma bəzi  məsələlər burada mübahisə doğursa da, hesab etdik ki, onların burada qalması lazımdır. Amma əlbəttə, yenə deyirəm, keçən oxunuşda da bunu qeyd etmişdim. Çox böyük ehtimalla bu qanun qəbul ediləndən sonra Azərbaycan ordusu haqqında ayrıca bir qanun qəbul ediləcək. Digər hərbi qanunvericilik aktlarına əlavələr, dəyişikliklər ediləcək. Ola bilsin ki, ayrıca qanun layihələri də qəbul olunsun. Bu da təbiidir. Niyə təbiidir? Çünki bizim bu çox narahat dünyamızda artıq nəinki siyasi çağırışlar, həm də hərbi çağırışlar var. Ona görə də biz bu çağırışlara hazır olmalıyıq və bizim qanunvericiliyimizdə də bu baxımdan yüksək hüquqi baza formasında bu məsələlər öz əksini tapmalıdır. Hesab edirəm ki, qanun layihəsi bir kamil sənəd kimi artıq səsə qoyula bilər. Xahiş edirəm, bu qanun layihəsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.03 dəq.)
Lehinə 99
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti 4–7-ci məsələlər Azərbaycan Respublikası ilə Türkmənistan arasında bağlanan 4 bəyannamə və sazişlərdir. Mən təklif edirəm ki, bunlar ayrı-ayrılıqda təqdim olunsun, sonra hamısını bir yerdə səsə qoyarıq. Azərbaycan Respublikası ilə Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamənin təsdiq edilməsi barədə qanun layihəsi. Buyursun Səməd Seyidov. 
S.Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri.
Oqtay müəllim, çox sağ olun.  Fürsətdən istifadə edərək hörmətli həmkarlarımı Yeni il və Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə ürəkdən təbrik edirəm, 2018-ci ildə uğurlar arzulayıram. Azərbaycan parlamenti, doğrudan da, 2017-ci ildə çox böyük işlər görüb. Bu işlərin hamısı Azərbaycan Respublikası Prezidentinin dəsti-xəttidir. Bizim həmkarlarımız çox gözəl qeyd etdilər, beynəlxalq münasibətlər haqqında da danışdılar. Bu nailiyyətlər Azərbaycanın inkişafı, onun beynəlxalq münasibətlər coğrafiyasının genişlənməsi ilə bağlıdır, əlaqələrin  yeni bir  mərhələyə yüksəlməsi ilə bağlıdır.
Bu gün Azərbaycan maraqları, Azərbaycan həqiqətləri beynəlxalq təşkilatlar səviyyəsində belə təsdiq olunub. Buna nümunə Azərbaycan Respublikası Prezidentinin bu yaxınlarda Şərq tərəfdaşlığı sammitində iştirakı və qəbul olunmuş sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün xüsusilə qeyd olunmasıdır. Azərbaycanda bu yaxınlarda İslam həmrəyliyi ilə bağlı konfransın keçirilməsi, Şərqi və Qərbi birləşdirən layihələrin ən yüksək səviyyədə qeyd olunması buna təsdiqdir. Mən bu gün çox sevinirəm ki, Azərbaycan parlamentində hər bir millət vəkili həm işçi qrupu səviyyəsində, həm öz komitəsi səviyyəsində, həm də beynəlxalq təşkilatların içərisində nümayəndə heyəti səviyyəsində əlindən gələni edir ki, Azərbaycan Respublikası Prezidentinin bu xarici siyasəti daxili siyasətin davamı kimi ən yüksək səviyyədə təqdim olunsun. Bu gün də bu silsilədən olan sənədlərdən biri, növbəti qardaş ölkə ilə strateji əməkdaşlıq səviyyəsinə yüksələn bir sənəd təqdim olunur.
Siz bilirsiniz ki, Azərbaycan Avropa Birliyinə daxil olan 9 ölkə ilə  strateji əməkdaşlıq haqqında sənədləri artıq təsdiq edib. Biz regionda Gürcüstanla, başqa qonşularımızla strateji əməkdaşlıq səviyyəsində münasibətlər qururuq. Çox vacibdir ki, bu silsiləyə qardaş ölkə olan Türkmənistan da daxil olub. Türkmənistanla bağlı münasibətlərimiz, doğrudan da, sözün əsl mənasında strateji əhəmiyyət daşıyan münasibətlərdir. Sənədə diqqətlə baxsanız, görərsiniz ki, sənədin içərisində, onun hər bir bəndində Azərbaycan–Türkmənistan münasibətlərini yeni bir mərhələyə, yeni bir səviyyəyə yüksəldən bir  fikir  öz əksini tapmışdır. Misal  üçün, siz bilirsiniz ki, həm Azərbaycan, həm də Türkmənistan bitərəflik fəlsəfəsini, münasibətlərini beynəlxalq münasibətlərdə ortaya qoyaraq onu müdafiə edib. Bu nöqteyi-nəzərdən həm Azərbaycanın, həm də Türkmənistanın bu istiqamətdə birgə fəaliyyət göstərməsi məhz bu sənəddə öz əksini  tapmışdır. Çox vacibdir ki, bu sənəddə tərəflər konkret olaraq Xəzər dənizinin bölünməsi ilə bağlı birgə mövqedən, bir fəlsəfədən çıxış edirlər. Bu, sevindirici haldır. Bu yaxınlarda burada artıq həmkarlar tərəfindən qeyd olundu, Azərbaycan–Rusiya komitələrinin birgə iclasında da xüsusi qeyd olundu ki, Xəzər dənizinin bölünməsi ilə bağlı layihənin təqdim olunması yaxın gələcəkdə reallıqdır. Bu nöqteyi-nəzərdən bu sənəddə Azərbaycan–Türkmənistan münasibətlərinin Xəzər dənizi nöqteyi-nəzərindən əks olunması çox vacib və əhəmiyyətli bir məsələdir.
Hamınıza yaxşı bəllidir ki, bu gün Azərbaycanda miqyasına görə çox böyük layihələr yüksək səviyyədə həyata keçirilir. Bu layihələr içərisində Bakı Beynəlxalq Dəniz Ticarət Limanının tikintisi ən vacibidir. Eyni Beynəlxalq Dəniz Ticarət Limanı Türkmənistanda da tikilir. Həmin limanlar arasında siyasətin birləşdirilməsi bu sənəddə öz əksini tapıb. Bu, Xəzər üçün, Azərbaycanın inkişafı üçün, Azərbaycan–Türkmənistan məsələlərinin inkişafı üçün çox vacib olan bir məsələdir. Ümumiyyətlə,  Əfqanıstan, Türkmənistan, Azərbaycan, Gürcüstan, Türkiyə nəqliyyat münasibətlərinin konkret olaraq sənəddə əks olunmasının  şahidi oluruq. Ona görə komitəmiz, təbii, belə bir sənədin bu gün, yeni il ərəfəsində həm Azərbaycana, həm Türkmənistana, həm də regiona xeyir-bərəkət, sülh və inkişaf gətirəcəyini xüsusi vurğulamışdır. Mən həmkarlarımdan bu sənədin qəbul olunmasını  xahiş edirəm. Diqqətinizə görə sağ olun. 

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

      
Sədrlik edən. Sağ olun. Çıxış etmək istəyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yoxdur, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.09 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında dəniz ticarət gəmiçiliyi sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir. Ziyad müəllim, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri!  Mən də burada deyilən bayram təbriklərinə qoşuluram və bizim millət vəkillərinə uğurlar, dövlətimizə isə davamlı, keyfiyyətli inkişaf arzulayıram.
Hörmətli Ziyafət müəllim, Səməd müəllim o qədər aydın danışdı ki, mənim danışmağıma ehtiyac qalmadı. Deyilənlərə bu qanun layihəsi də bilavasitə xidmət edəcək. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə müsbət münasibət bəsləmələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Təklif var ki, səsə qoyulsun. Buyurun, münasibət bildirin.

Səsvermənin nəticələri (saat 13.11 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. Eldar müəllim, xahiş edirəm, buyurun.
E.İbrahimov, Milli Məclisin Aqrar siyasət komitəsinin sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Hörmətli deputat həmkarlarım, mən də bugünkü fürsətdən istifadə edib bütün deputat həmkarlarımı həm həmrəylik günü, həm də Yeni il bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. Arzu edirəm ki, 2018-ci il hər bir deputat həmkarımın həyatında ən uğurlu, ən yadda qalan illərdən biri olsun.
Bildiyiniz kimi, bu ilin avqust ayında Bakıda “Azərbaycan Respublikası Hökuməti və Türkmənistan Hökuməti arasında bitki karantini sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanmışdır. Hazırda dünyada ərzaq məhsullarının təhlükəsizliyinə, bitki və heyvanların sağlam olmasına, ətraf mühitin qorunmasına çox fikir verilir. Bununla yanaşı, kənd təsərrüfatı və qida məhsullarının ölkələrarası daşınmasının intensivləşməsi bitki və heyvan xəstəliklərinin yayılması  riskini artırır. Odur ki, təqdim olunan sazişin təsdiq  edilməsi vacib və əhəmiyyətlidir. Bu sazişin qəbul edilməsi bitki karantini və mühafizəsi, beynəlxalq əməkdaşlıq və karantin tətbiq edilən zərərli orqanizmlərə qarşı mübarizə, onların ölkəmizin ərazisinə daxil olmasının və yayılmasının qarşısının alınması baxımından faydalıdır.
Saziş 13 maddədən ibarətdir. Burada onun mətnində istifadə edilən terminlər verilmişdir. Sazişin icrasını təmin edən səlahiyyətli orqanlar Azərbaycan tərəfindən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti, Türkmənistan tərəfindən isə bu ölkənin Kənd və Su Təsərrüfatı Nazirliyinin Bitki Karantini üzrə Dövlət Xidmətidir. Sazişdə tərəflər bitki karantini sahəsində məlumat  mübadiləsinə dair öz üzvlərinə müəyyən öhdəliklər vermişlər. Sazişin müddəaları tərəflərin iştirakçısı olduğu digər beynəlxalq müqavilələrdən irəli gələn hüquq və  öhdəliklərə toxunmur. Sazişdəki müddəaların təfsiri və tətbiqi ilə bağlı bütün mübahisəli məsələlər  tərəflər arasında danışıqlar  yolu ilə həll ediləcəkdir. Sazişdə onun qüvvəyə minməsi və qüvvədə olması  proseduru verilmişdir. Saziş dövlət sənədlərinin tərtib olunma tələblərinə tam cavab verir. Ona görə də qanun layihəsinin təsdiq olunmasını məqsədəuyğun hesab edirəm. Çox sağ olun.

Azərbaycan Respublikası Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.14 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 7-ci məsələ “Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması sahəsində əməkdaşlıq haqqında” Sazişdir. Buyursun Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar!  Bu saziş də Türkmənistan Hökuməti ilə Azərbaycan Respublikası Hökuməti arasında 2017-ci il avqustun 8-də imzalanıb. Bu sazişin əsas mahiyyəti mülki müdafiə, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması ilə bağlı məsələdir. Sazişdə bu əməkdaşlığın formaları, yardımın növləri, eyni zamanda, bu məsələlərə məsul olan orqanlar kimi Azərbaycan tərəfindən Fövqəladə Hallar Nazirliyi, Türkmənistan tərəfindən isə Müdafiə Nazirliyi göstərilir. Yeri gəlmişkən, bir məsələni qeyd etmək istəyirəm.
Hörmətli həmkarlar, biz Türkmənistanla Azərbaycan arasında artıq bu qəbildən olan bir sənəd imzalamışıq. Amma o sənəddə Xəzər dənizinin Türkmənistan sektoruna aid olan hissəsindən və Azərbaycan  tərəfinə aid olan hissəsindən söhbət gedirdi. Hazırkı sənəd isə daha geniş, irihəcmli bir sənəddir və bütövlükdə Azərbaycan ərazisini, o cümlədən Türkmənistan ərazisini əhatə edir. Bu saziş qeyri-müəyyən müddətə bağlanır. Əgər tərəflərdən biri bu sazişdən çıxmaq istəsə, onda 6 ay əvvəl digər tərəfə müraciət edir və həmin müqavilədən çıxma proseduru başlanır. Amma mən, sözsüz, hesab edirəm və arzulayıram ki, belə bir hal olmayacaq. Çünki bu, qeyri-müəyyən müddətə bağlanan bir sənəddir. Hər iki dövlətin mənafeyinə uyğun olan və milli maraqlarına cavab verən bir sənəddir. Ona görə sizi bu sazişin təsdiq olunmasına dəvət edirəm. Sağ olun.
Sədrlik edən.  Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək. 

Səsvermənin nəticələri (saat 13.16 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 8-ci məsələ. 2 məsələ bir məktubla gəlib.  “Bələdiyyələrin statusu haqqında” Qanunda dəyişikliklər edilməsi barədə buyursun Arif Rəhimzadə.
A.Rəhimzadə, Milli Məclisin Regional məsələlər komitəsinin sədri.
Sağ olun, cənab Sədr. Mən də həmkarlarımı qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm, can sağlığı və uğurlar diləyirəm.
Oqtay müəllim, Siz dediyiniz kimi, bu 2 məsələ – “Bələdiyyələrin  statusu haqqında” Qanun və “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanun bir məktubla gəlib, özü də bir məsələyə xidmət edir. Odur ki, etiraz etmirsinizsə, mən ikisini də bir yerdə məruzə edim.
“Bələdiyyələrin  statusu haqqında” Qanunun “Yerli sosial müdafiə və sosial inkişaf  proqramları” adlanan 4-cü maddəsində  bələdiyyələrin dəfn mərasimləri  ilə əlaqədar vəzifələri müəyyənləşdirilir. Qəbiristanlıqların salınması, idarə olunması, abadlaşdırılması və dəfn xidmətlərinin aparılması bələdiyyələrə həvalə olunur.  Eyni zamanda, buraya bir abzas da əlavə olunubdur: “Qəbiristanlıqların salınması və idarə olunması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalara uyğun olaraq həyata keçirilir”.
“Bələdiyyə  torpaqlarının idarə edilməsi haqqında” Qanunun “Xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları” adlanan 7-ci maddəsində xüsusi mülkiyyətə verilən bələdiyyə torpaqları ilə bərabər mülkiyyətə verilməyən torpaqlar da sadalanır. Burada 7.2-ci maddəyə əlavə olunur ki, qəbiristanlıqların torpaqları da xüsusi mülkiyyətə verilə bilməz. Bu düzəlişlər dəfn mərasimlərində olan məsələləri bir qədər tənzimləyir və yəqin ki, hazırda aydın olmayan bir çox məsələlərə aydınlıq gətirəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, gündəliyin 8-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.19 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
9-cu məsələyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.20 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 10-cu məsələsi Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Gömrük Məcəlləsində dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikasının qanun layihəsi qanunvericiliyin dəqiqləşdirilməsi, gömrük nəzarəti zamanı şəxsi yoxlamanın, o cümlədən videoçəkilişdən istifadə etməklə şəxsi yoxlamanın aparılması ilə bağlı məsələləri tənzimləmək məqsədi ilə hazırlanmışdır. Qanunun mövcud variantına görə şəxsi yoxlama hər bir halda iki hal şahidinin iştirakı ilə həyata keçirilir. Lakin yeni texnologiyaların tətbiqi, gömrük baxışı yerlərində videoçəkilişlərin aparılması hal şahidlərinin dəvət olunmasının zəruriyyətini aradan qaldırır.  Çünki hal şahidlərinin əsas vəzifəsi hər hansı bir müayinə, axtarış prosesinin obyektivliyini təmin etməkdir ki, bu da daha dəqiq üsullarla təmin edilir.
Bununla yanaşı, şəxsin soyundurulması zəruriyyəti yarandıqda şəxsi yoxlamanın videoçəkilişlərinin aparılması ilə həyata keçirilməsinə qadağa müəyyən  edilir. Bununla da hal şahidlərinin iştirakı yalnız şəxsi yoxlama zamanı videoçəkilişdən istifadə edilmədiyi hallarda məcburi sayılır. Eyni zamanda, şəxsi yoxlama zamanı şəxsin soyundurulması zəruriyyəti yarandığı halda videoçəkilişdən  istifadəyə yol verilməyəcək. Millət vəkillərindən bu vacib qanun layihəsinə müsbət münasibət bildirmələrini xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.22 dəq.)
Lehinə 97
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 11-ci məsələ “Sahibkarlıq fəaliyyəti haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyurun, Ziyad müəllim.
Z.Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri!  Mikro, kiçik, orta və iri sahibkarlıq meyarlarının müəyyənləşdirilməsi, sahibkarlığa dövlət dəstəyi ünvanlığının artırılması, ölkənin dolğun statistik iqtisadi təhlillərinin aparılmasının təmin edilməsi sahibkarlığın inkişafı baxımından mühüm əhəmiyyətə malikdir. Mikro, kiçik, orta və iri sahibkarlığın təsnifləşdirilməsi hər bir ölkənin müvafiq qanunvericiliyi ilə müəyyən olunur. Əsasən də dövlətin onlar üçün müəyyən etdiyi güzəştlərdən istifadəni tənzimləmək sahibkarlıq fəaliyyətində dövlət nəzarətini həyata keçirmək məqsədi daşıyır. Hazırda əksər xarici ölkələrin təcrübəsində kiçik və orta sahibkarlıq subyektləri ilə yanaşı, mikrosahibkarlıq subyekti də əlavə edilir. Ölkələr arasında müəyyən olunan mikro meyarı ilə bağlı göstəricilərdə fərqlər iqtisadi-sosial vəziyyət və digər amillər nəzərə alınmaqla işçi sayında və illik gəlirin həcmində özünü göstərir. Dünya ölkələrinin təcrübəsi göstərir ki, mikrosahibkarlıq meyarı sahibkarlıq fəaliyyətinin rüşeymi olduğundan burada illik gəlirlərdən daha çox işçi sayı nəzərə alınır.
Qeyd olunanları nəzərə alaraq ölkəmizdə sahibkarlıq meyarlarının beynəlxalq standartlara uyğunlaşdırılması və vahid  bir metodologiya əsasında aparılması bir tərəfdən bu sahənin inkişafının təmin edilməsində beynəlxalq təcrübədə keçmiş üsulların təsdiq edilməsinin səmərəliyini artırır, digər tərəfdən isə həmin sahənin inkişafına təsir edən amillərin təhlil edilməsinə əlverişli şərait yaradır. Bununla yanaşı, ABŞ, Avropa Birliyi ölkələri, Rusiya Federasiyası, Türkiyə, Gürcüstan kimi ölkələrin təcrübəsində sahibkarlıq subyektlərinin bu ölkələrin mövcud qanunvericiliyinə uyğun olaraq mikro, kiçik, orta və iri meyarları üzrə bölgüsü aparılmış və  bu, müəyyən müsbət nəticələr vermişdir. Həmin ölkələrin müvafiq statistik göstəricilərində mikro və kiçik sahibkarlığın ümumi sahibkarlıqda payı çoxluq təşkil edir. Ümumiyyətlə, qanun layihəsi müsbət xarakter daşıyır. Ona görə də millət vəkillərindən bu qanun layihəsinə səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q.Həsənquliyev. Təşəkkür edirəm, cənab Sədr. Doğrudan da, sahibkarlığın müdafiə olunması və inkişafı üçün müəyyən addımlar atılır. Elə bu günlərdə cənab Prezident tərəfindən İqtisadiyyat Nazirliyi yanında kiçik və orta sahibkarlığa yardım məqsədi ilə xüsusi agentlik yaradıldı. Amma çox təəssüf ki, bizim bəzi icra hakimiyyəti başçıları,  maliyyə sektoruna cavabdeh olan şəxslər tərəfindən sahibkarlara dəstək verilmir, əksinə, incidilir. Mən indi yeni il qabağı ad çəkmək istəmirəm. Ümid edirəm ki, həmin insanlar mənim çıxışım haqqında məlumat əldə eləyəcəklər və bu fəaliyyətlərinə son qoyacaqlar. İcra başçıları sahibkarlardan, xüsusilə də kiçik və orta sahibkarlardan dəyəri yüz min dollar məbləğində tikinti materialları götürürlər, ayrı-ayrı avadanlıqlar alırlar. Amma sonra pulunu vermirlər və sahibkarlar da pis vəziyyətdə qalırlar. Onsuz da onların elə böyük dövriyyələri yoxdur. Amma onların işçiləri var, özlərinin dolanışığı var. Bu barədə bizə də müraciət edirlər. Biz telefon açırıq. Çox təəssüf ki, həmin başçılar hətta telefonu belə qaldırmırlar.
Bu yaxınlarda, Oqtay müəllim, bir nəfər müraciət eləyib. Bir iş adamıdır, bu adam “Zaminbank”dan kredit götürüb. Yəni mən ümumiləşdirilmiş bir nümunə kimi deyirəm ki, mənim başqa deputat həmkarlarım da bilsinlər, vəziyyət nə yerdədir. “Zaminbank” bağlanıb və bu şəxs “Zaminbank” vasitəsi ilə Sahibkarlığa Kömək Milli Fondundan  kredit alıb. Sonradan Sahibkarlığa Kömək Milli Fondunun təklifi ilə ödəmədiyi pulun qalan hissəsini həmin fonda ödəyib. Sahibkarlığa Kömək Milli Fondu da belə bir arayış verib ki, bu adam pulu tam ödəyib. İndi digər müvafiq qurumlar buna arayış vermirlər ki, bu pulu ödəyib. Ona görə də bu adam  əmlakını girovdan çıxara bilmir. Məcbur olub məhkəməyə verir. Əmanətlərin Sığortalanması Fondu məhkəmənin də qərarını yerinə yetirmir. Deyir ki, bizə yuxarıdan deyiblər bunu eləməyin. Siz niyə Sahibkarlığa Kömək Milli Fonduna pulu özbaşına qaytarmısınız. Biz sizə o bankla münasibətləri aydınlaşdırandan sonra deyəcəkdik ki, pulu aparıb hansı ünvana köçürəsiniz.
Bu bir nümunədir, yəni yüzlərlə bu cür fakt var. Məhkəmə qərarları vəzifəli şəxslər tərəfindən icra olunmur. Bəzi şəxslərin vəzifələri böyüdülüb, amma onların vərdişləri dəyişməyib. Yenə də sahibkarları incidirlər. Doğrudan da, bu qanunun aliliyinin təmin olunması istiqamətində ciddi addımlar atılmalıdır. Biz bu qanunları qəbul edirik, amma məmurlar buna əməl eləməyəcəklərsə, məhkəmə qərarlarını yerinə yetirməyəcəklərsə, bunun nə faydası olacaq? Ümumilikdə mən bu layihəni müdafiə edirəm və buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, layihəyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.28 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 12-ci məsələ “Turizm haqqında” Qanunda dəyişiklik edilməsi barədədir. Buyursun Hadi Rəcəbli.
H.Rəcəbli, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bu dəyişiklik “Turizm haqqında” Qanunun 7.1-ci maddəsinə edilir. Əslində, biz bir neçə ay bundan öncə Miqrasiya Məcəlləsində dəyişiklik etmişdik və bu dəyişikliyin nəticəsi olaraq 2017-ci ildə turist axını 20 faiz artmışdır. Bu, olduqca yüksək göstəricidir. Düzəliş çox kiçik olsa da, məna yükü böyükdür. Çox əhəmiyyətli bir düzəlişdir. 7.1.6-cı maddədə belə bir düzəliş edilir: “Elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü”, sonra əlavə edirik: “elektron vizanın sürətləndirilmiş qaydada  alınması üçün müraciət edildikdə isə ən geci 3 saat” müddətində baxılır. Bu çox önəmli bir düzəlişdir. Deputat həmkarlarımı bu maddəyə edilən əlavəyə səs verməyə çağırıram. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Elmira xanim, düzəlişlə əlaqədar sözünüz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyurun.
E.Axundova. Çox sağ olun. “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununa elektron vizaların sürətləndirilmiş qaydada alınması ilə bağlı edilən əlavə məndə bəzi suallar doğurur. Bildiyiniz kimi, hazırda dünyanın bir çox ölkəsində terrorizm halları çoxalıb. Gündə bir terror aktı törədilir. Çox şükürlər olsun ki, bizim güclü və çevik hüquq mühafizə orqanlarının sayıqlığı nəticəsində ölkəmizdə bu kimi hadisələr  baş vermir. Belə bir ehtimal olarsa, onların qarşısı vaxtında və böyük ustalıqla alınacaq və alınır. Biz əgər vizaları sürətləndirilmiş qaydada ən geci 3 saat ərzində verəcəyiksə, bu zaman müvafiq orqan ölkəmizə gəlmək istəyən turisti və ya hər hansı bir insanı belə qısa zamanda necə yoxlayacaq? Necə biləcək ki, bu insan respublikamıza hansı səbəbdən, hansı niyyət ilə gəlir.
Nəzərə alaq ki, Azərbaycan müharibə şəraitində yaşayır və ölkəmizin xarici düşmənləri var. İnkişafımızın əleyhinə olan xarici qüvvələr də az deyil. Mən başa düşürəm, Hadi müəllim ilə razıyam ki, burada məqsəd turizmin inkişaf etdirilməsi, turistlər üçün rahatlığın təmin olunması və vaxt sərfiyyatının azaldılmasıdır. Amma 3 saat, məncə, çox az vaxtdır. Çünki bu vaxt ərzində biz bir insana viza veririksə, bu zaman hər kəs ölkəyə faktiki yoxlanılmadan rahatlıqla daxil ola biləcək. Bax, mən istəyərdim ki, buna bir aydınlıq gətirək.
Sədrlik edən. Buna Hadi müəllim aydınlıq gətirə bilməz, mən gətirərəm. Bunlar hamısı kompüter sisteminə qoşulmuş təşkilatlardır. Bunlar hamısı hesablanıb. Amma təəssüf ki, uzadırlar, 3 gün, 5 gün olur. Bu, kompüterdə tapşırığını verir, 3 saata  cavabını alır, vizasını verir. Hər şey yoxlanılır.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Dedim də. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.32 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. 
13-cü məsələ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqındadır. Buyursun Əli Hüseynli.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, bu layihə də vizaların verilməsi ilə bağlı artıq vahid elektron portalın mövcudluğundan istifadə edərək əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə çoxdəfəlik vizaların verilməsi məsələsini sürətləndirir. Belə ki, hazırda ölkədə elektron qaydada birdəfəlik viza verilir və ölkədə qalma müddəti 30 günə qədər müəyyənləşdirilib. Təklif olunan dəyişiklik isə çoxdəfəlik vizaların elektron qaydada “ASAN viza” sistemi ilə verilməsinə gətirib çıxaracaq. Bu isə 90 gün müddətidir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.34 dəq.)
Lehinə 93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 93
Nəticə: Qəbul edildi
Qəbul edildi, sağ olun.

14-cü məsələ “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədədir. Əli Hüseynli buyursun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli millət vəkilləri, “Yol hərəkəti haqqında” Qanuna təklif olunan dəyişiklik, əslində, 2016-cı ildə “Avtomobil yolları haqqında” Qanuna etdiyimiz dəyişikliklər ilə bağlıdır. Daha dəqiq desək, uyğunlaşdırma xarakteri daşıyır. Belə ki, “Avtomobil yolları haqqında” Qanunda “müvafiq icra hakimiyyəti orqanı” sözlərini “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” sözləri ilə əvəz elədik. Amma bütövlükdə “müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurum” anlayışı cənab Prezidentin fərmanında öz əksini tapıb, orada onun hansı orqan olması açıqlanıb. Layihəyə edilən dəyişikliyin səbəbi artıq “Avtomobil yolları haqqında” Qanunda bu ifadənin yer tapmasıdır.
Sədrlik edən. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım! “Yol hərəkəti haqqında” Qanuna müvafiq dəyişikliyin edilməsi zərurəti tez-tez yaranır. Bu üzdən də biz bu qanuna il ərzində bir neçə dəfə dəyişiklik edirik. Lakin “Yol hərəkəti haqqında” Qanunun təkmilləşdirilməsinə baxmayaraq, bu sahədə, bilirsiniz ki, çoxsaylı nöqsanlar hələ də aradan qaldırılmayıb. Bizim yollarımız hələ də təhlükəlidir. Biz az qala hər gün KİV-də dəhşətli qəzalar haqqında xəbərlər oxuyuruq. Çox təqdirəlayiq haldır ki, dövlət əhəmiyyətli yollara nəzarət üçün müvafiq icra hakimiyyəti ayrıca qurum yaradır. Bu qurumun görəcəyi işlər çoxdur. Mən xüsusilə bizə təqdim edilən 2-ci bəndə nəzər salmaq istəyirəm. Burada deyilir ki, avtomobil yollarında nişanlama xətləri çəkilməli, yol nişanları və göstəriciləri, işıqforlar və yol hərəkəti təşkilinin digər texniki nizamlama vasitələri quraşdırılmalıdır.
Doğrudan da, bu, çox aktual məsələdir. Bu istiqamətdə, xüsusilə də rayonlarımızı birləşdirən avtomobil yollarında çox işlər görülməlidir. Bir neçə ay bundan qabaq biz Moskvadan gələn qonaqlarımızı İsmayıllı, Qəbələ, Oğuz, Şəki istiqamətində gəzdirmişdik. Yol ayrıclarında, döngələrdə müvafiq yol nişanları olmadığından dəfələrlə maşını saxlayaraq yerli sakinlərdən istiqamətin düzgünlüyünü soruşmuşduq. Yəqin, hamınız bununla rastlaşmısınız. İndi təsəvvür edin ki, başqa ölkələrdən gələn, xüsusilə də yerli dili bilməyən turistlər üçün ölkədaxili avtomobil yollarında təkbaşına səyahət etmək necə də çətin məsələyə çevrilib. Mən bu barədə dəfələrlə, məsələn, bu günlərdə İsraildən gələn turist dostlarımdan da belə şikayətlər eşitmişəm. Ona görə  nəzərə alaq ki, İsmayıllı–Şəki istiqaməti  hazırda Azərbaycanda ən populyar turist marşrutlarından biridir. Onda başa düşərik ki, digər istiqamətlərdə bizim avtomobil yollarımızda yol nişanları və göstəriciləri ilə olan vəziyyət daha da acınacaqlıdır. Yollarda olan lövhələrin çoxu  köhnədir. Az qala sovet vaxtından qalmadır. Bu mənada biz qabaqcıl Avropa ölkələrindən mütləq nümunə götürməliyik. Çünki onların yollarında göstəricilər o qədər çoxdur, o qədər mükəmməl hazırlanıb ki, hətta dil bilməyən, təkbaşına səyahət edən turist heç bir çətinlik çəkmir. Yeri gəlmişkən, Bakımızda da bu barədə böyük işlər görülür və vəziyyət qənaətbəxşdir. Hesab edirəm ki, bu çox böyük problemdir. Bütün avtomobil yollarımız tez bir zamanda müasir texnologiyalara uyğun olan yeni yolayrıcı və yolgöstəricilər ilə təchiz edilməlidir. Əks halda bu bizim turist potensialımıza da ciddi zərbə olar. Xahiş edirəm, nəzərə alasınız. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Amma biz Yol haqqında qanun layihəsinə baxmırıq. Biz uyğunlaşdırmadan danışırıq. Layihəyə diqqətlə baxın və  məğzindən danışın.  Azər Badamov.
A.Badamov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Müzakirəyə təqdim olunmuş “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini dəstəkləyirəm. Ölkəmizdə müasir yol infrastrukturu formalaşmışdır ki, biz hamımız onu qoruyub saxlamalıyıq. Təklif olunan qanun layihəsi də yollarımızın qorunub saxlanmasına, nəqliyyat vasitələrinin təhlükəsizliyinə, rahat hərəkətin təmin olunmasına xidmət edir. Qanun layihəsini dəstəkləməklə yanaşı, diqqətinizi avtomobil yolları ilə bağlı mövcud olan və hamımızı narahat edən bir problemə yönəltmək istəyirəm. Ölkə başçımızın sərəncamı ilə yollarımızın yenidən qurulmasına milyonlarla manat vəsait ayrılır. Müasir asfalt döşənmiş yollar çəkilir. Yollar mədəniyyətdir, insanlara rahatlıq gətirir və nəqliyyatdan istifadə edənlərin təhlükəsiz hərəkətini təmin etməlidir.
Müzakirə etdiyimiz qanun layihəsinin 10-cu maddəsində  avtomobil yollarının saxlanması, qurulması və abadlaşması zamanı yol hərəkəti təhlükəsizliyinin təmin edilməsinin müvafiq icra hakimiyyətinin yaratdığı qurum tərəfindən həyata keçirilməsi nəzərdə tutulur, yollarda nəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsindən danışılır. Müasir asfalt yollarda nəqliyyat vasitələrinin rahat və təhlükəsiz hərəkətini təmin edən vasitələrdən biri də yol nişanları və zolaqlardır. Yollarda xətlər və zolaqlar standartlara uyğun xüsusi boyalarla çəkilməlidir. Zolaqlar və xətlər dumanlı, yağışlı havada yaxşı görünməli, gecə vaxtı isə maşınla yolu işıqlandıranda əks olunmalı və yolun hərəkət zolağının görünməsini uzaq məsafədən təmin etməli, pis görüntülü şəraitdə nəqliyyatı idarə edənlərin öz hərəkət zolağı ilə hərəkət etməsini asanlaşdırmalıdır. Bu, yollarda təhlükənin və qəzaların azalmasına xidmət edər. Amma bizdə yollara çəkilən zolaqlar və xətlər, elə bil, təbaşir ilə çəkilir. Həm pis hava şəraitində görünmür, həm də uzunömürlü olmur, qısa zamanda silinib gedir. Bu da sürücülərin yollarda hərəkətini çətinləşdirir.
Mən özüm də avtomobil idarə edirəm və avtomobilləri idarə edən şəxslərin xətlər görünməyən yollarda necə əziyyət çəkdiklərini görürəm. Mən müvafiq qurumdan xahiş edirəm, heç olmasa, şəhərlərimizi birləşdirən magistrallarda xətlər standartlara uyğun boyalarla rənglənsin. Çünki magistral yollarda nəqliyyat vasitələrinin sürət həddi yüksəkdir. Məhz magistral yollarda xətlərin görünməməsi səbəbindən qəzalar daha çox olur. Yollarda hərəkətin istiqamətini göstərən nişanlar, zolaqlar, xətlər davamlı, uzunömürlü və standarta uyğun, işığı əks etdirən xüsusi boyalarla çəkilərsə, yol qəzalarının sayı da kifayət qədər azalmış olar. Sonda hamınızı qarşıdan gələn Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul olundu.
15-ci məsələ “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən təqdim olunmuş “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dəyişikliklər çox vacib, əhəmiyyətli bir məsələni tənzimləmək üçün nəzərdə tutulmuşdur. Belə ki, ölkə Prezidentinin xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət numayəndələrinin təyin edilməsi haqqında müvafiq fərmanı mövcuddur. Bu fərmandan irəli gələn məsələlər, yəni xarici ölkələrdə fəaliyyət göstərən ticarət nümayəndələrinin aparatlarının yaradılması, onların sosial təminatı məsələləri məhz bu qanunla həllini tapır.
Cənab Sədr, biz bu məsələni iqtisadiyyat naziri müavininin iştirakı ilə komitədə geniş müzakirə etmişik və çox təqdirəlayiq hesab edirik. Bizə verilən məlumatların bir hissəsini hörmətli həmkarlarıma çatdırmaq istəyirəm. Hazırda Azərbaycanın Rusiyada, Çində, Birləşmiş Ərəb Əmirliklərində və Avropa ölkələrindən isə Polşada ticarət nümayəndələri mövcuddur. Onlara təklif olunur ki, burada həm də 2 nəfərdən ibarət kiçik  aparatlar da mövcud olsun. Baxmayaraq ki, bu, kiçik aparat olacaq, amma qeyd etdiyim kimi, böyük bir regiona xidmət edəcək. Həmçinin gələcəkdə Azərbaycanın ciddi ticarət və iqtisadi əlaqələrdə olduğu digər ölkələrdə də ticarət nümayəndələrinin açılması nəzərdə tutulur. Amma təbii ki, bu, fəaliyyət göstərən ticarət evləri  ilə eyni deyil. Misal üçün, Belarusda, Latviyada ticarət evləri mövcuddur. Burada isə söhbət ticarət nümayəndələrindən gedir və bunlar səfirlik və konsulluqlarda yaradılır.
Hörmətli həmkarlar, hesab edirik ki, ölkəmizin iqtisadiyyatının indiki mərhələsində, xüsusilə də beynəlxalq iqtisadi əlaqələrin inkişafının indiki mərhələsində xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarda ticarət nümayəndələrinin mövcudluğu, onların aparat işçilərinin “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq təminat əldə etməsi çox təqdirəlayiq bir haldır. Komitədə geniş müzakirə etdik və birmənalı mövqeyimiz qanunun müdafiəsi ilə bağlı oldu. Sizi də bu layihəyə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, bəlkə 16-cı məsələ olan “Dövlət qulluğu haqqında” Qanunda edilən dəyişikliyi də deyəsiniz. Sonra ayrı-ayrı səsə qoyaq.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, bilirsiniz ki, dövlət qulluqçularının həm şəxsi işləri mövcuddur, həm də dövlət qulluqçuları xidməti vəsiqələr ilə təmin olunurlar. Amma indiyə qədər bizim “Dövlət qulluğu haqqında” Qanunda şəxsi işə həsr olunan  və vəsiqə ilə bağlı maddələr mövcud deyildi. Bu baxımdan təqdim olunmuş qanun layihəsi ilə “Dövlət qulluğu haqqında” Qanuna 2 maddə əlavə olunur: “15-1. Dövlət qulluqçusunun şəxsi işi” və “15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi”. Hesab edirəm ki, bu, qanunvericilikdə mövcud olan boşluğu doldurmağa xidmət edən təqdirəlayiq haldır. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, gündəliyin 15-ci məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 98
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 16-cı məsələsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti, 17-ci məsələ Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi barədədir. Əli müəllim, buyurun.
Ə.Hüseynli. Çox sağ olun. Hörmətli həmkarlar, İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklik texniki bir məsələni həll edir. Məsələ burasındadır ki, cənab Prezidentin İnzibati Xətalar Məcəlləsinin qüvvəyə minməsi ilə bağlı imzaladığı fərmanda “müvafiq icra hakimiyyəti orqanı” dedikdə, İqtisadiyyat  Nazirliyi nəzərdə tutulurdu. Amma yeni verilmiş fərmanda söhbət Vergilər Nazirliyindən gedir. Yəni bu dəyişikliyin əsas məqsədi yuxarıda qeyd olunan fərmanın icrasını təmin etməkdən ibarətdir. Səs verməyinizi xahiş edirəm.
Sədrlik edən. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
18-ci məsələ “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədədir. Buyursun Ziyad Səmədzadə.
Z.Səmədzadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə  təqdim olunan qanun layihəsi bankların öhdəliklərinin könüllü restrukturizasiya prosesi müddətinin uzadılması imkanının artırılması məqsədi ilə hazırlanmışdır. Qanunun 57.11-ci maddəsində nəzərdə tutulmuş “90 gün müddətinədək uzadıla bilər” sözləri  “uzadılma 180 gün müddətindən artıq ola bilməz” sözləri ilə əvəz olunur. Bu cür uzadılmaların sayına məhdudiyyət qoyulmur. Qanun layihəsinin hazırlanmasında əsas məqsəd Azərbaycan Respublikası Beynəlxalq Bankının sağlamlaşdırılması tədbirlərinə uyğun olaraq xarici yurisdiksiyalarda müddətsiz  monitorinq əldə olunması imkanının təmin edilməsidir. Belə ki, Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının ölkələrarası müflisləşmə qaydalarına uyğun olaraq xarici məhkəmə prosesinin tanınması üçün  restrukturizasiya  olunan bankın ölkəsində  restrukturizasiya  ilə bağlı məhkəmə icraatı mövcud olmalıdır fikrinə əsaslanır. Ona görə millət vəkillərindən bu qanun layihəsinə də səs vermələrini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.50 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 97
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bugünkü gündəliyin sonuncu məsələsi Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciətinin təsdiq edilməsidir. Buyursun Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti.
Əziz soydaşlar, dəyərli həmvətənlər!
Xalqımızın ümummilli məqsədlər naminə söz, əqidə və əməl birliyinə nail olmaq əzmini təcəssüm etdirən həmrəylik günündə hər birinizi ürəkdən salamlayırıq. İyirmi altı il öncə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli-mənəvi bütovləşmə hərəkatının təməlinin qoyulması  uzun illərdən bəri həsrətində olduğumuz milli birliyin yaradılmasında, bu birliyin ana xəttini müəyyənləşdirən azərbaycançılıq ideyasının formalaşmasında başlanğıc və istinad nöqtəsi olmuşdur.  
Bu hərəkat sonrakı dövrdə geniş vüsət almış, dünya azərbaycanlıları ilə əlaqələrin inkişaf etdirilməsi, soydaşlarımızın tarixi Vətənlə bağlarının gücləndirilməsi, xarici ölkələrdə diaspor təşkilatlarının  formalaşmasına kömək göstərilməsi Azərbaycan Respublikasında həyata keçirilən dövlət siyasətinin ayrılmaz tərkib hissəsinə çevrilmişdir. 2001-ci ildən başlayaraq Bakıda dünya azərbaycanlılarının qurultayının keçirilməsi, xaricdə yaşayan azərbaycanlılarla iş üzrə ayrıca dövlət qurumunun yaradılması həm sayına, həm də milli-mənəvi, intellektual potensialına görə dünyanın böyük millətləri ilə bir sırada dayanan xalqımızın tarix səhnəsində mühüm rol oynayan mütəşəkkil qüvvə kimi formalaşmasına güclü təkan vermişdir.
Tarixin gedişi və taleyin qisməti ilə dünyanın müxtəlif ölkələrinə səpələnmiş on milyonlarla soydaşımız milli birliyə və həmrəyliyə nail olmağın zəruriliyini indi daha aydın dərk edirlər. Onlar yaxşı başa düşürlər ki, qüdrətli və böyük Azərbaycan milli-mənəvi bütünlüyün möhkəm təməli üzərində ucalmalıdır.
Bu gün dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının sabit və ardıcıl inkişaf yolunda qazandığı uğurlar bütün dünya azərbaycanlılarını qəlbən sevindirir. Dünyanın müxtəlif guşələrində yaşayan soydaşlarımız dövlətimizin milli mənafelərə uyğun olan müstəqil siyasət yeritməsindən, dünya birliyində mövqelərini daha da möhkəmləndirməsindən məmnunluq duyurlar. Onlar qazanılmış nailiyyətlərə sevindikləri kimi, Vətənimizin taleyüklü problemlərinin həll ediləcəyi günü də həsrətlə gözləyirlər. Qarabağ düyününün açılması,  ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsi, qaçqın və köçkün soydaşlarımızın doğma yurdlarına qaytarılması xalqımızın ümummilli vəzifələrindən biridir. Müstəqil dövlətimizin inkişafı yolunda mövcud olan bu maneənin aradan qaldırılmasına elliklə kömək göstərmək bütün azərbaycanlıların Vətən qarşısında övladlıq borcudur.
Dünyanın müxtəlif ölkələrindəki  soydaşlarımızın bir vəzifəsi də xalqımızın qədim adət-ənənələrini, dilini, mədəniyyətini yaşatmaqdan, bir-biri ilə və tarixi Vətənlə əlaqələrini möhkəmləndirməkdən ibarətdir. Milli hüquqlarımızın qorunması üçün Azərbaycan diasporunun gücləndirilməsi, güclü Azərbaycan icmalarının yaradılması da ümdə vəzifələr sırasındadır.
Əziz soydaşlarımız, dəyərli həmvətənlərimiz!
Sizi ümummilli qayələrimizin gerçəkləşməsi naminə sıx birləşməyə çağırır, xalqımızın mənafelərinin qorunması uğrunda mübarizəyə səsləyirik. Dünya azərbaycanlılarının həmrəyliyi günü münasibəti ilə hamınızı səmimi qəlbdən təbrik edir, hər birinizə möhkəm can sağlığı, ailə səadəti, könül xoşluğu, doğma Azərbaycanımıza nurlu sabahlar arzulayırıq.
Hörmətlə, Azərbaycan Respublikasının Milli Məclisi. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Məlahət  xanım. Hörmətli millət vəkilləri, bu həm də qərardır. Biz qərarı təsdiqləməliyik. Xahiş edirəm, münasibət bildirək.

Səsvermənin nəticələri (saat 13.55 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: Qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli deputatlar, Milli Məclisin payız sessiyasının sonuncu iclası başa çatır. Eyni zamanda, biz qanunvericilik ilinə yekun vururuq. Görülmüş işlər bizə belə deməyə əsas verir ki, bu il parlament səmərəli fəaliyyət göstərmişdir. İl ərzində 24 iclas keçirilmişdir. Bu iclaslar müddətində 472 qanun və qərar qəbul edilmişdir. Yəni Milli Məclis Konstitusiya ilə təsdiq olunmuş işini həyata keçirmişdir. Milli Məclis Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işlərinin hüquqi mexanizmini daha da təkmilləşdirmişdir.
Parlamentin beynəlxalq əlaqələrinin inkişafı  üçün  də böyük işlər görülmüşdür. Nümayəndə heyətlərimiz beynəlxalq təşkilatların fəaliyyətində yaxından iştirak etmişlər. İl ərzində 50-dən çox ölkəyə 180-ə qədər səfər həyata keçirilmişdir. Millət vəkillərimiz Türkmənistanda keçirilən Prezident seçkilərində, Qazaxıstanda və Bolqarıstanda keçirilən parlament seçkilərində, eləcə də Türkiyədə referendumda müşahidəçi kimi iştirak etmişlər.
Bu il 65-dən çox xarici dövlətin və beynəlxalq təşkilatın 150-dən artıq nümayəndə heyəti Milli Məclisə gəlmişdir.  Bu, təxminən min nəfərdən yuxarı deputat deməkdir. Beynəlxalq təşkilatların xətti ilə 5 tədbir həyata keçirilmişdir.
Milli Məclis 2017-ci ili, deyə bilərik ki, çox uğurla başa vurmuşdur. Bununla əlaqədar mən bütün millət vəkillərinə səmərəli işlərinə görə  öz minnətdarlığımı bildirirəm.
Xalqın maraqları və tələbatı üzərində qurulmuş siyasətə görə cənab Prezidentə minnətdarlığımızı bildiririk. Qarşıdan 2 gözəl bayram gəlir.  Bu bayramlar – Dünya azərbaycanlılarının həmrəyliyi günü və Yeni il münasibəti ilə cənab Prezidenti və onun ailəsini, birinci xanım Mehriban Əliyevanı ürəkdən təbrik edir, onlara can sağlığı və gələcək işlərində  böyük müvəffəqiyyətlər arzulayırıq. (Alqışlar.)
Bir daha imkandan istifadə edib bütün həmkarlarımı, deputatları qarşıdan gələn bayramlar münasibəti ilə təbrik edirəm. Nəinki deputatları, eləcə də Milli Məclis Aparatının işçilərini, Milli Məclisdə akkreditə olunmuş bizim media nümayəndələrini təbrik edir, onlara can sağlığı, həyatda uğurlar arzulayıram. Çox sağ olun. (Alqışlar.)
Bununla da Milli Məclisin 2017-ci il payız sessiyası başa çatır.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi