2018-ci il 21 aprel tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 63

Milli Məclisin iclas salonu.
21 aprel 2018-ci il.

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri O.Əsədov sədrlik etmişdir.

İclasda Milli Məclisin 113 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 108
Yetərsay 83

İclasa dəvət olunmuşdur:

Novruz Məmmədov,  Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizəd.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

 
Aşağıdakı məsələlər müzakirə edilmişdir:

Gündəlik haqqında.

Çıxış etmişdir:  Oqtay Əsədov

Təklif: Gündəlik qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 113
Nəticə: Qəbul edildi

N.İ.Məmmədovun Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi haqqında.

Çıxış etmişlər:  Oqtay Əsədov, Səməd Seyidov, Siyavuş Novruzov, İsa Həbibbəyli, Novruz Məmmədov

Təklif: Qərar qəbul edilsin
Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

21 aprel  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri, hörmətli media nümayəndələri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.05 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var. İclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, gündəlik sizə paylanıb, gündəlikdə bir məsələ var. Xahiş edirəm, gündəliyə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 12.05 dəq.)
Lehinə 112
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 113
Nəticə: Qəbul edildi

Gündəlik qəbul edildi, çox sağ olun.
Hörmətli millət vəkilləri, biz hamımız aprelin 11-də ölkəmizin siyasi həyatında baş vermiş taleyüklü hadisənin hələ də sevincini yaşayırıq.  Demokratik və şəffaf şəraitdə keçirilmiş azad və ədalətli seçkilərdə  cənab İlham Əliyevin yenidən Prezident seçilməsi onun xalq və dövlət qarşısında böyük xidmətlərinə verilən yüksək qiymətin və sonsuz inamın ifadəsidir. Seçkilərdən sonra ilk dəfə yığışırıq, icazə verin, Sizin hamınızın adından, parlamentin adından cənab Prezidenti bir daha təbrik edək, ona bu işində böyük uğurlar arzulayaq. (Alqışlar.)
Bir məsələni də mən qeyd etməyə bilmərəm. Bizə çox böyük  qürur verən bir məqam var. Bu da ondan ibarətdir ki, cənab Prezident öz inauqurasiya mərasimini Milli Məclisdə keçirdi. Bu, cənab Prezidentin Milli Məclisə göstərdiyi böyük dəyərin və hörmətin nəticəsidir. Ona görə  də ona minnətdarlığımızı bildiririk. (Alqışlar.)
Əgər etiraz etmirsinizsə, Sizin hamınızın adından, Milli Məclisin adından cənab Prezidentə bir təbrik məktubu göndərək. (Alqışlar.)
Çox sağ olun, alqışlar razılığınızı təsdiq etdi.
Hörmətli millət vəkilləri, bugünkü iclasımızı bir məsələyə, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizədliyə razılıq verilməsi məsələsinə həsr edirik. İcazənizlə dövlət başçısının Milli Məclisə ünvanladığı məktubu oxuyum: “Azərbaycan Respublikasının Milli Məclisinə. Azərbaycan Respublikası Konstitusiyasının 118-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə təyin edilməsinə razılıq verilməsi üçün Novruz İsmayıl oğlu Məmmədovun namizədliyini müzakirənizə təqdim edirəm. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev”. (Alqışlar.)
Hörmətli millət vəkilləri, mənim Novruz Məmmədovu sizə təqdim etmək  fikrim  yoxdur, çünki hamınız Novruz Məmmədovu yaxşı tanıyırsınız. Novruz Məmmədov ulu öndərin dövründən fəaliyyətə başlayıb,  ilk növbədə Xarici əlaqələr şöbəsinin müdiri olub. Sonra  cənab Prezidentin xarici siyasət məsələləri üzrə köməkçisi vəzifəsində çalışıb. Bütün fəaliyyəti dövründə hörmətli Novruz müəllim özünü çox  ləyaqətli, yüksək mədəniyyətli insan kimi göstərib. Elə ona görə də Novruz Məmmədovun iş fəaliyyəti dövlət tərəfindən yüksək qiymətləndirilib, ona “Şöhrət” və “Şərəf” ordenləri verilib. Bundan başqa, xarici ölkələrlə dostluq əlaqələrinin yüksək  səviyyədə qurulmasına görə ona Fransanın və Polşanın “Fəxri Legion” ordenləri verilib. Yəni hamımız onu tanıyırıq. Cənab  Prezidentin də təqdimatı gəlib. Mən hesab edirəm ki, bu məsələni çox uzatmamalıyıq. Qısa müzakirələr keçirək və fikrimizi bildirək. Əgər etiraz yoxdursa, müzakirələrə başlayaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən razıyam, səsə qoya bilərik. Amma Milli Məclisdir, protokolu var. Yazılın, 2–3 nəfər danışsın ki, sonra bizim həmkarımız, dostumuz Novruz müəllimin də deməyə bir sözü olsun. Buyursun Səməd Seyidov.
S.Seyidov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar, əziz dostlar! Düz 2 gün bundan öncə cənab Prezi-dent  bizim bu parlamentdə tarixi bir çıxış edərək andiçmə mərasimində bizim hamımıza Azərbaycanın inkişafı və gələcəyi haqqında strateji fikirlərini, düşüncələrini ortaya qoymuşdu. Məhz həmin çıxışın qırmızı xətlə müəyyən olunmuş bir fikri daxili və xarici siyasətin vəhdətidir.
Bu gün Azərbaycanın beynəlxalq münasibətləri sözün əsl mənasında Azərbaycanın dünya ölkələri içərisində özünəməxsus yer tutmasına şərait və  imkan yaradır. Heç kim  üçün  artıq  sirr deyil ki, iqtisadiyyat  və beynəlxalq münasibətlər bir-birləri ilə əlaqəlidir. Məhz bu fəlsəfə, bu fikir cənab Prezidentin bu parlamentdəki çıxışında öz əksini tapmışdır. Bu məntiq, bu fəlsəfə Azərbaycanın ən yüksək vəzifəsinə  namizəd kimi irəli sürülmüş insanın xüsusi qabiliyyət və keyfiyyətlərinə dəlalət etməlidir. Mən hesab edirəm ki, bu nöqteyi-nəzərdən hörmətli Novruz müəllimin   cənab Prezident tərəfindən çox düzgün olaraq irəli sürülmüş namizədliyi həmin məntiqə uyğun olan bir məsələdir. Ona görə ki, hörmətli Novruz müəllimin fəaliyyəti ilə hamı tanışdır. O, dünyada  həm iqtisadi, həm mədəni, həm təhsil, həm də başqa istiqamətlərlə əhatə olunan konfranslarda Azərbaycanın mövqeyini ən yüksək səviyyədə müdafiə edən şəxslərdən biridir.  O, Siz demişkən, diplomatik karyerasında ən yüksək zirvəyə yüksəlmiş bir insandır və dövlət başçımızın xarici siyasət məsələləri üzrə köməkçisi kimi öz fəaliyyətini təsdiq etmişdir.
Bilirsiniz, dünya müasirləşir, Novruz müəllim də müasir bir insandır və müasir  dünyanın müasir dillərində  yüksək səviyyədə danışmaq, ünsiyyət qurmaq, əlaqələr yaratmaq imkanına malik olan bir insandır.  Novruz müəllim bir  ziyalıdır, Novruz müəllim bir alimdir. O, təhsil sistemini, sosial məsələləri, mədəniyyət məsələlərini, insanların tələbatlarını ən yüksək səviyyədə peşəkar kimi bilir və onların üzərində işləyir.  Hörmətli Novruz müəllim, o cümlədən təşkilatçıdır. Ona görə ki, uzun illər dövlətimizin ən mühüm strukturlarından birinin, Prezident Administrasiyası rəhbərinin müavini vəzifəsində uğurla fəaliyyət göstərib. O bir insan kimi səmimi, etibarlı, təvazökar, yüksək əxlaqi normalara malik olan bir şəxsiyyətdir. Azərbaycan məmurlarına bir nümunəvi fəaliyyət və davranış göstərən bir insan kimi qiymətləndirilməlidir. Ən əsası, Oqtay müəllim, Siz burada qeyd etdiniz, Novruz müəllim Heydər Əliyev fəlsəfəsini və İlham Əliyev siyasətini tam şəkildə mənimsəmiş bir insan kimi qiymətləndirilməlidir.
Əziz dostlar, mən Novruz müəllimi uzun illərdir tanıyıram. Bu mənim üçün böyük bir şərəfdir. Deməliyəm ki, cənab Prezident  zərgər dəqiqliyi ilə  Azərbaycan xalqının maraqlarına uyğun seçim etmişdir. Bizim strateji hədəflərimizin reallaşması üçün vacib seçim etmişdir. İslahatların dərinləşməsi və genişlənməsi üçün düzgün seçim etmişdir. Ən əsası, cənab Prezident bu seçimi ilə istədiyi islahatların reallaşması və iqtidar komandasının səmərəli fəaliyyəti üçün məntiqli  zəmin yaratmışdır.  Ona görə, hesab edirəm ki, hörmətli həmkarlar və dostlar bu gün hamımızın yaxşı tanıdığımız, hörmət etdiyimiz, Azərbaycan cəmiyyətində özünəməxsus, yüksək səviyyəli bir yer tutan, Azərbaycan adət-ənənələrinə həmişə riayət edən, onları qoruyan və müdafiə edən  görkəmli şəxsiyyət, alim, siyasətçi və təşkilatçı Novruz Məmmədova səs verəcəklər. Mən öz adımdan buna çağırıram. Novruz müəllimə uğurlar, uğurlar və yenə də uğurlar arzulayıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Hörmətli Sədr, ilk növbədə mən də seçkilərdə cənab Prezidentin  tam qələbəsi münasibəti ilə hamımızı təbrik edirəm. Həmçinin buradan xalqımıza öz minnətdarlığımızı, təşəkkürümüzü bildiririk ki, Yeni Azərbaycan Partiyası tərəfindən namizədliyi irəli sürülmüş cənab Prezidentə növbəti dəfə səs verdilər. Heydər Əliyev siyasi kursuna səs verdilər. Azərbaycanın iqtisadi inkişafına, Azərbaycandakı stabilliyə səs verdilər. Azərbaycanda olan ictimai-siyasi sabitliyə, yüksəlişə səs verdilər. Bunun üçün bütün Azərbaycan xalqına, bütün seçicilərə partiya adından öz təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.
Hörmətli Oqtay müəllim, Novruz müəllim haqqında fikir söyləməmişdən əvvəl qeyd etmək istəyirəm ki, bizim parlament həmişə ənənələr yaradıb. Bir ənənənin də əsasını mən qoymaq istəyirəm. Bundan qabaq ölkənin Baş naziri olmuş Artur Rasizadəyə də parlament adından təşəkkürümüzü bildirək, ona cansağlığı arzulayaq. Uzun müddət fəaliyyət göstərib, parlamentdə hesabat verib, büdcə təqdim eləyib. O da Heydər Əliyev siyasi kursuna sadiq olub, Prezidentimizə sədaqətlə xidmət eləyib. Bu baxımdan da biz bu ənənəni yaşatmalıyıq.
Novruz müəllimin diplomatik fəaliyyəti ilə bağlı Səməd müəllim burada fikirlərini bildirdi. Mən də qeyd etmək istərdim ki, Novruz müəllim, həmçinin Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. Novruz müəllim, həmçinin siyasətlə də məşğul olan bir insandır.  Biz Novruz müəllimin dövri mətbuatda mütəmadi olaraq tək xarici siyasətlə deyil, həmçinin daxili siyasətlə, Prezidentin apardığı iqtisadi və sosial siyasətlə bağlı çıxışlarının, geniş məqalələrinin şahidiyik. Novruz müəllim 22 ildən artıqdır ki, Prezident Administrasiyasında çalışır və bütün bu vəzifələrə mərhələ-mərhələ, addım-addım gəlib və hər addımında da  Prezidentin dəsti-xəttini, siyasətini düzgün həyata keçirib, o cümlədən ölkəmizin maraqlarını istər beynəlxalq aləmdə, istərsə də daxildə ayrı-ayrı təşkilatlar qarşısında çox uğurla qoruyub.
Biz bilirik ki, bu gün bizi daxili siyasətlə yanaşı, xaricdən olan təhdidlər də əhatə edir. İstər seçkilər dövrü olsun, istərsə də digər dövr olsun, mütəmadi olaraq ayrı-ayrı beynəlxalq təşkilatlar və yaxud da ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Azərbaycan dövlətinin əleyhinə, Azərbaycan Prezidentinin apardığı siyasət əleyhinə  müxtəlif, həqiqətə uyğun olmayan yazılar yazdırırlar. Novruz müəllimi də həmişə buna qarşı çıxan,  bunun qarşısını alan və buna tutarlı cavab verən bir insan kimi görmüşük. Hesab edirəm ki, burada çoxluq Yeni Azərbaycan Partiyasındadır və Yeni Azərbaycan Partiyası adından biz də tam şəkildə Novruz müəllimi dəstəkləyirik. Yeni Azərbaycan Partiyasının sədri Siyasi Şuranın üzvünü Baş nazir vəzifəsinə təqdim eləyib. Biz də bütün həmkarlarımızdan, partiya üzvü olmayan digər həmkarlarımızdan da xahiş edirik ki, Novruz müəllimə səs versinlər və o da bundan sonrakı fəaliyyətini Heydər Əliyev kursu ilə, Prezidentimizin siyasəti ilə daha uğurla, daha müvəffəqiyyətlə həyata keçirsin. Təşəkkür edirəm.
Sədrlik edən. Atalar üçdən deyib, bir nəfər də çıxış eləsin, sonra səsə qoyaq. İsa Həbibbəyli.
İ.Həbibbəyli. İlk növbədə onu qeyd eləmək istəyirəm ki, uzun illər Baş nazir vəzifəsində olmuş Artur Rasizadə Azərbaycan dövlətində Heydər Əliyev və İlham Əliyev epoxasının dövlətçilik prinsiplərinə əsl mənada sədaqət nümunəsi göstərmişdir. Bu gün Azərbaycan Prezidenti tərəfindən Baş nazir vəzifəsinə namizədliyi təqdim olunan Novruz Məmmədovu bütün başqa bacarıqları ilə bir yerdə hər şeydən qabaq Heydər Əliyev və İlham Əliyev siyasətinə, dövlətçilik strategiyasına dərin sədaqəti, böyük Azərbaycan xalqının taleyində xüsusi yer tutan, gələcəyini müəyyən edən dövlətçilik strategiyası qarşısındakı dərin məsuliyyəti və cavabdehlik hissi səciyyələndirir.
Novruz Məmmədov sadə bir ailədən çıxıb,  zəhmətkeş bir ailənin bütün məsuliyyətini və mənəviyyatını gənc ikən aldığı tərbiyə ilə birlikdə özündə cəmləşdirib. O, Azərbaycan Dillər Universitetində sadə müəllimlikdən elmlər namizədliyinə, dosentliyə, kafedra müdirliyinə, dekanlığa, professorluğa qədər ciddi bir elmi yol keçib. Onu Azərbaycanın elm və təhsil ictimaiyyəti çox yaxından tanıyır. Novruz müəllim bir neçə  dili mükəmməl bilir, ölkəmizdə və xaricdə geosiyasət və praqmatik idarəetmə üzrə əsas ekspertlərdən biri kimi qəbul olunur. Novruz müəllimi mənəviyyat baxımından səciyyələndirən əsas keyfiyyətlər, məncə, sədaqət, mənəvi məsuliyyət, halallıq və cavabdehlik hissidir. Novruz müəllim dövlət idarəçiliyi baxımından da sədaqətli, prinsipial və konkret mövqeli olmuşdur. Novruz Məmmədov bütün taleyi ilə ümummilli liderimiz Heydər Əliyevin və möhtərəm Prezidentimiz İlham Əliyevin dövlətçilik strategiyasına, ideallarına tam bağlıdır.
Novruz Məmmədov Azərbaycanın dünəninin olduğu kimi, bu gününün də və hətta sabahının da yalnız və yalnız ümummilli liderimiz Heydər Əliyevin yolunda və İlham Əliyevin idarəçiliyində olduğunu birdəfəlik və həmişəlik qəbul etmişdir. Novruz müəllimin xalq arasında hörməti vardır, o, ziyalılar arasında xüsusi nüfuza malikdir. Mən qəti surətdə inanıram ki, Baş nazir vəzifəsində də Novruz Məmmədov ölkəmizin Prezidenti İlham Əliyevin qətiyyətlə, iradə ilə, düşünülmüş şəkildə uğurla apardığı dövlətçilik siyasətini həm ölkə daxilində, həm də ölkəmizdən xaricdə heç zaman onu tərk eləməyəcək sədaqət və əqidə ilə, məsuliyyət və cavabdehliklə təmsil edəcəkdir. Mən Novruz Məmmədovu ölkəmizin Prezidenti, dünyamiqyaslı görkəmli dövlət xadimi İlham Əliyevin yüksək etimadını qazana bildiyi üçün, həyatını bu böyük ideala sədaqətlə həsr elədiyi üçün təbrik edir və ona uğurlar azrulayıram.
Sədrlik edən. Çox sağ olun. Siyahıda 20 nəfər var. Amma belə görürəm ki, hamımızın fikri birdir. Cənab Prezident təqdimat göndərib, Milli Məclisin razılığını xahiş edir. Xahiş edirəm, məruzələri bitirək və cənab Prezidentin təqdimatına münasibət bildirək. Xahiş edirəm, Milli Məclis öz razılığını bildirsin. Buyurun, səs verin.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 113
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 113
Nəticə: Qəbul edildi

Qəbul edildi, sağ olun. (Alqışlar.)
Novruz müəllim, Sizi təbrik edirik, Sizə bu gələcək işinizdə müvəffəqiyyətlər arzulayırıq. Çox çətin bir işin altına girirsiniz. Əminik ki, bu işin öhdəsindən böyük ləyaqətlə gələcəksiniz. Əgər sözünüz varsa, buyurun.
N.Məmmədov, Azərbaycan Respublikasının Baş naziri vəzifəsinə namizəd.
Hörmətli Oqtay müəllim, hörmətli rəyasət heyəti, hörmətli Milli Məclisin üzvləri, xanımlar və cənablar! Düzü, mən  bu günə qədər danışmağı sevirdim. Artıq görünür, bundan sonra başqa bir sahəyə keçmək lazımdır, yəni daha çox işləmək lazımdır. Amma bununla belə, sizə bir neçə kəlmə ilə öz fikirlərimi demək istəyirəm. Hər şeydən əvvəl qeyd edim ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən mənə göstərilən bu yüksək etimad mənim üzərimə çox böyük məsuliyyət, qarşıma böyük bir vəzifə qoyur. Mən birinci növbədə Azərbaycanın Prezidenti möhtərəm cənab İlham Əliyevə mənə belə bir etimad göstərdiyi üçün dərin təşəkkürümü bildirirəm. Doğrudan da, bu çox mürəkkəb, çətin vəzifədir, lakin həm də şərəfli vəzifədir. Çünki hansı sahədə olursa-olsun, onunla bir yerdə işləmək böyük şərəfdir. Azərbaycanımızın indiki günündə bu, çox şərəfli bir fəaliyyət sahəsidir.
Azərbaycan bu gün dünya miqyasında özünün yeri, mövqeyi olan bir dövlətdir. Ən mürəkkəb geosiyasi məkanda yerləşir. XXI əsrin indiki onilliklərində  dünyada ən gərgin proseslər gedir. Ümumiyyətlə, tarixdə bəlkə də bu səviyyədə gərginlik görünməyibdir. Belə bir mürəkkəb vəziyyətdə  Azərbaycanda sabitliyin, təhlükəsizliyin və uğurlu dinamik inkişafın davamı bizim hər birimizin qarşısına çox böyük vəzifələr qoyur. İnkişaf yüksək səviyyədə olanda bir tərəfdən onu davam etdirmək, qorumaq lazımdır, ikinci tərəfdən isə onu daha da genişləndirmək, inkişaf etdirmək lazımdır. Bax, bu çox çətin vəzifədir. Mənim üzərimə qoyulan bu məsuliyyəti dərk edirəm və çalışacağam ki, Azərbaycan Prezidentinin rəhbərliyi altında Azərbaycanın dövlət və hökumət strukturları, eyni zamanda,  Milli Məclisin üzvləri  ilə sıx əməkdaşlıq şəraitində əlimdən gələni edim. Mən öz tərəfimdən bildirirəm ki, ümummilli lider böyük Heydər Əliyevin qoyduğu yolu İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirəcəyik.
Mən qeyd etdim ki, Azərbaycan çox yüksək bir inkişaf mərhələsindədir. Doğrudan da, bu gün bu belədir. Mən, dediyiniz kimi, xarici siyasətlə çox məşğul olduğum üçün beynəlxalq aləmdə dövlətlərlə bağlı  mövqeyi çox yaxşı bilirəm. Azərbaycan bu illər ərzində dünyanın ən böyük layihələrini həyata keçirib, enerji sahəsində, siyasi sahədə, idman sahəsində, mədəniyyət sahəsində, multikulturalizm sahəsində, ümumiyyətlə, bütün sahələrdə fəal bir iştirakçı və təşkilatçı kimi iştirak edib. Biz hər bir sahə haqqında danışsaq, inanın ki,  vaxt çatmaz. Amma onu da qeyd edim ki, Azərbaycan beynəlxalq əməkdaşlıq sahəsində münasibətlərə, beynəlxalq münasibətlərə çox böyük töhfə vermişdir. Bir neçə ilə Azərbaycan, əslində, Avrasiyanın ən böyük nəqliyyat dəhlizi və qovşağı olacaqdır. Bu isə Hindistandan Avropanın şimalına qədər olan ölkələri, digər tərəfdən Şərqdən Qərbə qədər, başqa bir tərəfdən yenə Cənubdan  Cənubi Avropaya qədər bütün ölkələri əhatə edir. Xüsusilə ticari-iqtisadi  əlaqələrin qovşağı məhz Azərbaycan olacaqdır. Bu isə Azərbaycanın  yaxşı inkişaf potensialı olan gələcəyini təmin edir.
Ümumiyyətlə, qeyd etmək istəyirəm ki, mənim qarşımda duran vəzifə, – əlbəttə, siyasət yenə də olduğu kimi qalacaq, – iqtisadi sahədə Azərbaycanın bu günə qədər qazandığı, əldə etdiyi uğurların istiqamətlərini daha da konkretləşdirmək, hansı islahatların daha vacib olduğunu, qarşıda bizi nələrin gözlədiyini nəzərə alaraq addımlar atmaqdır. Burada, şübhəsiz ki, qeyd etdiyim kimi, Azərbaycan Prezidentinin dəstəyi,   bizim hökumətin və dövlət strukturlarının, eləcə də Milli Məclis üzvlərinin iştirakı ilə birlikdə düşünürəm ki, biz bu vəzifələrin öhdəsindən gələcəyik. Ümumiyyətlə, bilirsiniz,  mən bu sahədə danışmağa çox da adət etməmişəm, mənim üçün çətindir. Amma yenə də istəyirəm qeyd edim ki, Azərbaycanın bu istiqamətdə getməyə həm hüququ var, həm də buna layiqdir. Çünki artıq bu günə qədər Azərbaycan çox böyük layihələrin həyata keçirilməsində öz imzasını qoymuşdur. Bax, istəsəniz, siyasət sahəsində, iqtisadiyyat sahəsində, enerji sahəsində, idman sahəsində, mədəniyyət sahəsində, musiqi sahəsində hansı istiqaməti, hansı tərəfi göstərirsiniz göstərin, inanın ki, biz bunu xoş məramla təhlil edib yanaşsaq, dünyanın heç bir ölkəsi Azərbaycanla müqayisə oluna bilməz, onunla rəqabət apara bilməz. Mən o tədbirlərin adını artıq çəkmirəm, çünki o, çox vaxt aparacaq. Ümumiyyətlə, sizin də vaxtınızı çox almaq istəmirəm.
Bir şeyi demək istəyirəm, bu yaxınlarda burada Qoşulmama Hərəkatının xarici işlər nazirlərinin böyük bir toplantısı oldu. Siz bilirsiniz, beynəlxalq təşkilatlar, regional təşkilatlar çərçivəsində də Azərbaycan çox fəal təşkilatçı və iştirakçı olmuşdur. Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi Birləşmiş Millətlər Təşkilatı ilə çox böyük tədbirlər həyata keçirir. Bu gün artıq qeyd olundu, 2019–2021-ci illərdə 120 ölkəni özündə birləşdirən, BMT-dən sonra dünyanın ikinci böyük təşkilatı olan Qoşulmama Hərəkatına Azərbaycan rəhbərlik edəcəkdir. Siz Azərbaycan Prezidentinin xarici siyasət sahəsində, eləcə də daxili siyasət sahəsində, beynəlxalq münasibətlər sahəsində müdrikliyini bilirsiniz. Mən sizə söz verirəm ki, qarşıdan  gələn  3 ildə Azərbaycanın həyatında tarixi bir səhifə yazılacaqdır.
Ümumiyyətlə, mən qeyd etmək istəyirəm ki, Azərbaycanın  tarixində bütün məqamlara nəzər salsaq, o, bu gün müstəqilliyi və suverenliyi ilə özünün ən möhtəşəm bir dövrünü yaşayır. Mən də bu dövrdə yaşadığım üçün fəxr edirəm ki, bax, belə bir məqamın iştirakçısıyam və  hər şeydən əvvəl, Azərbaycan Respublikasının Prezidentinə söz verirəm ki, mənim qarşıma qoyduğu vəzifələri məsuliyyəti ilə dərk edib onların həyata keçirilməsində əlimdən gələni edəcəyəm. Siz də mənim dostlarımsınız, sizin də hamınıza söz verirəm. Burada mənim haqqımda deyilən sözlər məni daha da ruhlandırdı və mən bu sözləri deyə bildim. Bu, mənim istədiklərimin çox kiçik bir hissəsidir.
Bir daha, Oqtay müəllim, başda Siz olmaqla bütün Milli Məclis üzvlərinə öz minnətdarlığımı bildirirəm. Üzərimə belə yüksək, şərəfli məsuliyyət qoyduğu üçün Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevə  bir daha dərin təşəkkürümü bildirirəm. Çox sağ olun, minnətdaram. (Alqışlar.)
Sədrlik edən. Çox sağ olun, Novruz müəllim. Biz də işlərimizi çox yüksək səviyyədə quracağıq. Sağ olun, bir də təbrik edirik.
Hörmətli millət vəkilləri, bugünkü iclasımız qurtardı, siz də çox sağ olun.

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi