2018-ci il 10 may tarixli iclasın stenoqramı

BEŞİNCİ ÇAĞIRIŞ
AZƏRBAYCAN RESPUBLİKASI
MİLLİ MƏCLİSİNİN
IX SESSİYASI İCLASININ

PROTOKOLU № 67

Milli Məclisin iclas salonu.
10 may 2018-ci il

İclasa Azərbaycan Respublikası Milli Məclisinin
Sədri  O.Əsədov  sədrlik etmişdir.

İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 108
Yetərsay 83

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 95 illiyi.

Aşağıdakı məsələ müzakirə edilmişdir:

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının  95 illiyi.

Çıxış etmişlər:  Oqtay Əsədov, Ziyafət Əsgərov, Fəzail Ağamalı, Gövhər Baxşəliyeva, Zahid Oruc, Rafael Cəbrayılov, Rafael Hüseynov, Jalə Əliyeva, Aqiyə Naxçıvanlı, Elmira Axundova, Siyavuş Novruzov, Əhliman Əmiraslanov, Aydın Mirzəzadə, Şahin İsmayılov, Azay Quliyev, İsa Həbibbəyli, Nizami Cəfərov, Nəsib Məhəməliyev, Aydın Hüseynov, Məlahət İbrahimqızı, Bahar Muradova

 

Azərbaycan Respublikası
Milli Məclisinin Sədri
O.ƏSƏDOV

 

MİLLİ MƏCLİSİN İCLASI

10 may  2018-ci il. Saat 12.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 108
Yetərsay 83

Çox sağ olun, yetərsay var. Ulu öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş təntənəli iclası açıq elan edirəm. (Alqışlar.)

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Hörmətli deputatlar, çıxış üçün Milli Məclisin Sədri cənab Oqtay Əsədova söz verilir. Buyurun, cənab Sədr. 
 
Oqtay Əsədov, Azərbaycan Respublikası Milli Məclisinin Sədri.
Hörmətli millət vəkilləri, hörmətli media nümayən-dələri, xanımlar və cənablar!
Filosoflardan birinin dediyinə görə, xalqın yaradıcılıq qüvvəsinin  əsasını böyük şəxsiyyətlərin fəaliyyəti təşkil edir.  Hər tarixi inkişaf dövrü öz görkəmli şəxsiyyətlərini yaradır. Amma elə şəxsiyyətlər  də var ki, zamanın hüdudlarını aşaraq, yaşadıqları dövrün simasını özləri müəyyən edirlər.  
Ulu öndər Heydər Əliyevin həyat və fəaliyyəti vətəninin və millətinin taleyində müstəsna rol oynayan nəhəng şəxsiyyətin zamanın fövqünə yüksəlməsinə parlaq bir nümunədir. Yalnız onun sayəsində xalqımız əvvəlcə siyasi və dövlət müstəqilliyinin möhkəm təməlini yaratmış, daha sonra isə bu təməl üzərində qurulan müstəqil dövlətini qoruyub saxlaya bilmişdir.
Heydər Əliyev XX əsrin sonlarında və XXI əsrin əvvəllərində dövlətimizin bütün sahələrdə əldə etdiyi nailiyyətlərin ilhamvericisi və təşkilatçısı olmuşdur. 1960-cı illərin axırlarında və 1990-cı illərin əvvəllərində ulu öndərin hakimiyyətə hər iki gəlişi ölkəmizin və xalqımızın çox ağır sınaqlara çəkildiyi dövrlərə təsadüf etmişdir. Hər dəfə də Heydər Əliyev ona bəslənən ümidləri doğruldaraq əsl milli lider olduğunu sübuta yetirmişdir. 
1969–1982-ci illərdə ulu öndərin dahiyanə idarəçilik qabiliyyəti və strateji təfəkkürü sayəsində Azərbaycan, sözün həqiqi mənasında, əsrə bərabər inkişaf yolu keçdi. Sovet İttifaqının ən geridə qalan respublikalarından biri olan Azərbaycan qısa müddət ərzində tənəzzüldən çıxaraq inkişaf etməyə başladı.
Heydər Əliyev Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Ulu öndər bütün dövlət hakimiyyəti orqanlarının, o cümlədən parlamentin işini xalqın iqtisadi, sosial-mədəni tərəqqisi və milli oyanışı siyasətinin reallaşmasına yönəltdi.
Partiya lideri olmaqla yanaşı, o, dəfələrlə SSRİ və Azərbaycan SSR ali sovetlərinin deputatı olmuşdu. Onun təşəbbüsü ilə SSRİ rəhbərliyi Azərbaycanın iqtisadi inkişafı üçün olduqca böyük əhəmiyyətə malik bir neçə mühüm qərar qəbul etmişdi.
Heydər Əliyevin rəhbərliyi ilə Konstitusiya komis-siyasının hazırladığı və 1978-ci ilin aprelində qəbul edilmiş Azərbaycan SSR-in yeni Konstitusiyası mövcud olan məhdud imkanlar daxilində xalqın mənəvi sərvətlərinin qorunması və inkişaf etdirilməsi üçün hüquqi əsasları genişləndirmişdir. Elə o zaman da Azərbaycan dili dövlət dili statusu almışdır.
Bir çox vacib sahələrdə, o cümlədən hərbi sahədə milli kadr potensialının yaradılması istiqamətində zəruri tədbirlər görüldü. Azərbaycanda orta pillə hərbi kadrlar hazırlayan tədris müəssisəsi – C.Naxçıvanski adına hərbi məktəb yaradıldı.
Hərbi məktəblərə yerli əhali nümayəndələrinin qəbulu artırıldı. Minlərcə azərbaycanlı gənc Rusiyanın, digər respublikaların hərbi təhsil ocaqlarına oxumağa göndərildi və hazırlanan bu kadrlar sonralar ordumuzun özəyini təşkil etdi.
Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illər siyasi, iqtisadi, mədəni yüksəliş dövrü kimi tariximizə daxil oldu, xalqımızın milli mənlik şüurunun oyanışına güclü təkan verdi. Məhz həmin dövrdə imperiya tərkibində olmağımıza baxmayaraq, Azərbaycanın gələcək siyasi və dövlət müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldı.
1982–1987-ci illərdə Sov.İKP Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü, SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən Heydər Əliyev Azərbaycanın ardıcıl inkişafı üçün əlindən gələni etdi. Onun Moskvada hakimiyyətin ən yüksək zirvəsində olması Azərbaycana qarşı düşmənçilik mövqeyi tutan qüvvələrin qarşısında ən böyük maneə idi.
1987-ci ilin oktyabr ayında Heydər Əliyevin Sovetlər Birliyinin rəhbərliyində yüksək vəzifələrdən uzaqlaşdırılması ilə Azərbaycanın faciələrinin əsası qoyuldu. Məhz bu istefa Azərbaycana qarşı hazırlanmış məkrli planların həyata keçirilməsi yolunda ilk addım oldu.
Mən burada bir şeyə  nəzər yetirmək istəyirəm. Heydər Əliyevin Azərbaycana ilk rəhbərliyi dövrünün təhlili göstərir ki, etibarlı və səriştəli siyasi rəhbərlik milli cəmiyyətin və dövlətin inkişafında müstəsna və həlledici rol oynayır. Bu həqiqəti xalqımız 1988–1993-cü illərin faciəli hadisələri zamanı bir daha yəqin etdi. Respublika rəhbərliyində bir-birini əvəz edən şəxslərin  səriştəsizliyi, müxtəlif qüvvələrin hakimiyyət uğrunda mübarizəsi, hərc-mərclik, xaos Azərbaycanı uçurumun bir addımlığına gətirib çıxarmışdı.
O vaxt çoxları inanmırdı ki, Azərbaycan bu böyük təhlükələrdən qurtula və müstəqilliyini qoruyub saxlaya biləcək. Amma tarixin şahid olduğu vətəndaş fədakarlığı, siyasətçi hünəri Azərbaycan üçün yazılmış ssenarilərin həyata keçməsinə imkan vermədi. 
Ən böyük milli sərvət olan dövlət müstəqilliyini xalqımız iki dəfə XX əsrdə qazanmışdır. 1918–1920-ci illərdə mövcud olmuş, xalqımızın dövlətçilik şüurunun inkişafında müstəsna rol oynamış Azərbaycan Xalq Cümhuriyyətini qoruyub saxlamaq mümkün olmasa da, əsrin sonlarına yaxın nail olduğumuz dövlət müstəqilliyi məhz Heydər Əliyev dühasının köməyi ilə xilas edilmişdir.
Azərbaycanın ikinci dövlət müstəqilliyi 1991-ci il oktyabrın 18-də elan olunsa da, onun əsl tarixi məhz 1993-cü il iyunun 15-dən başlayır. Tamamilə məntiqlidir ki, sonralar ölkənin ali qanunvericilik orqanı xalqın arzu və istəklərini nəzərə alaraq Heydər Əliyevin hakimiyyətə qayıtdığı 15 iyun gününü “Milli qurtuluş günü” kimi  qəbul etmişdir.
Qeyd etmək lazımdır ki, Heydər Əliyevin böyük siyasətə qayıdışı onun Azərbaycan Ali Sovetinin Sədri seçilməsi ilə başlanmışdır. Ulu öndər Prezident seçilənədək dörd ay parlamentə rəhbərlik etmişdir. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda o, ilk addımlarını məhz bu dövrdə və bu binada atmışdır.
Heydər Əliyevin Azərbaycan parlamentinin Sədri seçilməsi ölkəmizdə qanunvericilik orqanının nüfuzunu yüksək səviyyəyə qaldırdı. Müasir peşəkar parlamentin formalaşması istiqamətləri müəyyən edildi. Milli Məclis müzakirələrin açıq və demokratik şəraitdə aparıldığı real hakimiyyət orqanına çevrildi. Ölkənin ictimai-siyasi həyatı üçün çox böyük əhəmiyyətə malik bir sıra qərar və qanunlar qəbul edildi.  
Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti xalqa sədaqətlə xidmət etmək, onun yolunda hər cür fədakarlığa hazır olmaq nümunəsidir. 1993-cü ildən 2003-cü ilədək olan bu dövrdə onun həyata keçirdiyi nəhəng işlər öz miqyasına görə insanı heyrətə gətirir.
Ulu öndərin xilaskarlıq missiyasında ilk addımı ölkəni dağılmaq və parçalanmaq həddinə gətirib çıxarmış dövlət və hakimiyyət böhranını aradan qaldırmaq, vətəndaş müharibəsi təhlükəsinin qarşısını almaq oldu.
Torpaqlarımızı müdafiə etməyə qadir olan milli ordunun yaradılması ən mühüm vəzifələrdən biri kimi  qarşıda durdu. Bu istiqamətdə həyata keçirilən qəti tədbirlər döyüş əməliyyatları zonasında dönüşün əsasını qoydu.
Milli ordumuzdan aldığı qüvvətli zərbələr Ermənistan Respublikasına Azərbaycanla silah gücünə danışmağın mümkün olmadığını göstərdi. Cəbhə xəttində atəşkəs elan olundu, Ermənistan–Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınmasına dair danışıqlara başlanıldı.
 Ölkə daxilində möhkəm ictimai-siyasi sabitlik təmin edildi. Bu isə Azərbaycan dövlətinin yeni neft strategiyasının həyata keçirilməsinə imkan yaratdı. Xəzər dənizinin Azərbaycan sektorundakı neft yataqlarının işlənilməsinə dair bir neçə  xarici neft şirkətləri ilə müqavilələr bağlandı.  Azərbaycan iqtisadiyyatına milyardlarla dollar məbləğində investisiya qoyuldu.
Azərbaycanın karbohidrogen ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün Bakı–Tbilisi–Ceyhan neft, Bakı–Tbilisi–Ərzurum qaz kəmərləri çəkildi. Neft sənayesinin dirçəlməsi iqtisadiyyatın qeyri-neft sektorunun inkişafına da şərait yaratdı. Bazar iqtisadiyyatı prinsipləri tətbiq olundu, iqtisadi islahatlar, o cümlədən torpaq islahatı, özəlləşdirmə aparıldı. Həyatın bütün sahələrində tənəzzülə son qoyuldu, ölkəmiz ardıcıl inkişaf yoluna çıxdı.
Azərbaycan mötəbər beynəlxalq təşkilatların bərabərhüquqlu üzvü oldu,  dünyanın əksər dövlətləri ilə dostluq münasibətləri quruldu.
Ölkəmizdə hüquqi dövlət və vətəndaş cəmiyyəti quruculuğuna, qanunun aliliyinə təminat verən yeni Konstitusiya qəbul edildi, demokratik şəraitdə bir neçə dəfə Prezident, parlament və bələdiyyə seçkiləri keçirildi.
Ölkədə əsaslı siyasi, hüquqi və sosial islahatlara başlanıldı. Şərq və müsəlman aləmində ilk dəfə olaraq ölüm cəzasının ləğv edilməsi və bir sıra digər tədbirlər dövlətimizin beynəlxalq aləmdə nüfuzunu qaldırdı.
Cəmiyyətdə siyasi plüralizm üçün real şərait təmin edildi. Ən müxtəlif baxışları təmsil edən siyasi partiyaların fəaliyyətinə əlverişli şərait yaradıldı. Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası hakim partiya və cəmiyyətin aparıcı siyasi qüvvəsinə çevrildi.
Milli-mənəvi dəyərlərimizin qorunması, mədəniyyətin, ədəbiyyatın və incəsənətin inkişafı üçün lazımi tədbirlər görüldü. Milli dövlətçilik ideologiyası və idarəçilik fəlsəfəsi formalaşdırıldı.
Azərbaycançılıq, müstəqillik və dövlətçilik amalları naminə milli həmrəyliyin yaradılması istiqamətində əməli addımlar atıldı. Dünyanın müxtəlif qitələrində yaşayan soydaşlarımızla əlaqələrin inkişaf etdirilməsi, diaspor təşkilatlarının yaranması və buna kömək göstərilməsi dövlət siyasətinin tərkib hissəsinə çevrildi. Dünya azərbaycanlılarının qurultaylarının keçirilməsi artıq  ənənə halını almışdır. 
Bu möhtəşəm işlərin reallaşdırılmasında Milli Məclis həmişə ulu öndərin yanında olmuş, onun uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir. Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki,  Heydər Əliyev dövlət başçısı olduğu dövrdə də parlamentə böyük diqqət və qayğı göstərmişdir. 1995-ci il noyabrın 24-də ulu öndər birinci çağırış Milli Məclisin ilk iclasında iştirak etmiş, qanunvericilik orqanının üzvlərinə öz xeyir-duasını vermişdir. Sonrakı dövrdə də ulu öndər parlamentin müxtəlif məsələlərə həsr olunan iclaslarında iştirak və çıxış etmişdir.
Azərbaycanda yeni siyasi və hüquqi sistemin yaradılması məqsədi ilə Milli Məclis ulu öndərin təşəbbüsü ilə bir çox mühüm qanunvericilik aktları qəbul etmişdir. Burada ilk növbədə yeni məcəllələrin – Mülki, Mülki Prosessual, Cinayət, Cinayət-Prosessual, Seçki, Əmək, Ailə və digər məcəllələrin qəbulunu xüsusi qeyd etmək istəyirəm. Ümumiyyətlə, ölkədə əsaslı  islahatların  qanunvericilik mexanizminin yaradılmasına və təkmilləşdirilməsinə yönələn 1500-ə qədər qanun, qərar və digər aktlar ulu öndərin imzası ilə parlamentə təqdim edilmiş və geniş müzakirələrdən sonra qəbul edilmişdir. Beləliklə, Azərbaycanda demokratik yolla ardıcıl inkişaf və hüquqi dövlət quruculuğu üçün bütün təminatlar yaradıldı.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ulu öndərin Azərbaycan xalqı və dövləti qarşısında göstərdiyi xidmətlər barədə belə demişdir: “1993–2003-cü illər ərzində Azərbaycanın dövlətçiliyi quruldu. Azərbaycanın inkişaf strategiyası müəyyən olundu. Bütün ölkələrlə xarici əlaqələrimiz qarşılıqlı hörmət və maraqlar əsasında qurulubdur və bu gün də bu belədir. 1993-cü ildən başlanmış və bu günə qədər davam edən iqtisadi və siyasi islahatlar ölkəmizi dünya birliyinə layiqli üzv kimi göstərmişdir. Azərbaycanda güclü sosial siyasətin əsasları da məhz o illərdə qurulmuşdur. Ona görə də ulu öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri unudulmazdır, əvəzolunmazdır və onlar tarixi əhəmiyyət kəsb edir.”
Yeri gəlmişkən, qeyd edim ki, Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti bu gün ciddi tədqiqatlar mövzu-udur. Ulu öndərin zəngin irsinin öyrənilməsində və təbliğində Azərbaycan parlamenti də yaxından iştirak etmişdir.
Milli Məclisdə Heydər Əliyevin adını daşıyan xatirə zalı fəaliyyət göstərir. İndiyədək parlamentdə ulu öndərin fəaliyyətinin müxtəlif sahələrindən bəhs edən bir neçə kitab hazırlanıb nəşr edilmişdir.
Heydər Əliyevin yaratdığı möhkəm təməl üzərində inkişaf edən Azərbaycan Respublikası bu gün geniş bir bölgədə söz və güc sahibidir. Ölkəmizin getdikcə artan imkanları qarşıya qoyulan hər bir mürəkkəb vəzifəni uğurla yerinə yetirməyə imkan yaradır. Azərbaycan Avropa ilə Asiyanı, Şimalla Cənubu bir-birinə sıx bağlayan nəhəng transmilli layihələrin həyata keçirilməsində həlledici rol oynayır.
Möhtərəm Prezidentimiz İlham Əliyevin söylədiyi kimi, “Bu gün Azərbaycan tam mənada müstəqil siyasət aparır, heç bir başqa ölkədən asılı deyil və öz siyasətini yalnız və yalnız Azərbaycan xalqı naminə aparır. Əminəm ki, Azərbaycanın dövlət müstəqilliyinin daha da güclənməsinə yönəlmiş bu siyasət Azərbaycan xalqının maraqlarına tam cavab verir”.
Böyük siyasi və dövlət xadimi Heydər Əliyev Azərbaycanın qanunvericilik orqanını dünyanın inkişaf etmiş ölkələrinin parlamentləri səviyyəsində görməyi arzulayırdı və bunun üçün çox böyük zəhmət sərf etmişdi. Başqa sahələrdə olduğu kimi, bu sahədə də başlanmış işlər sistemli və ardıcıl şəkildə davam etdirilmişdir. Artıq indi qətiyyətlə söyləmək olar ki, müasir Azərbaycanda parlament xalqın suveren iradəsini ifadə edən, qanunları qəbul etmək yolu ilə mühüm ictimai münasibətləri tənzimləyən ali nümayəndəli orqandır.
Azərbaycanın xoşbəxt gələcəyi naminə möhtərəm Prezidentimiz İlham Əliyevin uğurla davam etdirdiyi Heydər Əliyev siyasi xətti heç vaxt dəyişməyəcək, Heydər Əliyevin qüdrətli zəkasından güc almış inkişaf strategiyası İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın müstəqillik yollarında ardıcıl irəliləməsində, xalqımızın daha firavan günlərə  çıxmasında böyük rol oynayacaqdır.
Hörmətli millət vəkilləri, diqqətinizə görə sağ olun. (Alqışlar.)
Sədrlik edən. Sağ olun, cənab Sədr. İndi isə, hörmətli deputatlar, xahiş edirəm, çıxış üçün yazılasınız. Fəzail Ağamalı.
F.Ağamalı. Təşəkkür edirəm. Hörmətli həmkarlar! Artıq bir neçə gündür ki, ölkəmiz bayram əhval-ruhiyyəsi ilə yaşamaqda, ulu öndərimizin 95 illiyini qeyd etməkdədir. Bəşəriyyətin nadir tarixi şəxsiyyətlərindən olan Heydər Əliyev xalqımız, türk dünyası və bütün dünya qarşısında göstərdiyi müstəsna xidmətlərə görə həm xalqımızın, həm türk dünyasının, həm də bəşəriyyətin yaddaşında əbədiləşmişdir. Hələ ötən yüzilliyin 70-ci illərində müstəqil Azərbaycanın təməl daşını qoyan Heydər Əliyev tərəfindən milli ruhun, milli özünüdərkin və milli şüurun oyanmasında göstərilmiş müstəsna xidmətlər keçən əsrin 90-cı illərində, yəni 20 il sonra özünün konkret nəticələrini verməyə başladı.
Ulu öndərimizin 70-ci illərdə yaratmış olduğu əlverişli mühitin yetirdiyi Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Məmməd Araz, Anar, Elçin, Ramiz Rövşən və bu qəbildən olan digər ədiblərin vətənpərvərlik ruhunda yazıb-yaratdıqları əsərlərin aşıladığı ideyalardan qidalanan xalqımız sovet imperiyasının çökməsində müstəsna rol oynadı, özünün milli azadlıq hərəkatında iradəsini ortaya qoydu. O illərdə də Heydər Əliyev həmişə olduğu kimi, Azərbaycan xalqı ilə bərabər  olduğunu birmənalı şəkildə ifadə etməkdəydi. 70-ci illərdə respublikamızda yaradılan güclü iqtisadiyyat və kadr potensialı müstəqillik zamanında öz töhfəsini verdi və bugünkü Azərbaycanımızın inkişafında tarixi rolunu oynadı.
Türk dünyasının birliyi ideyasını reallığa çevirən də ulu öndərimiz oldu. Şüarçılıqdan uzaq, konkret və müdrik addımlarla bu birliyin əsaslarını yaratdı, “bir millət, iki dövlət” aforizmini siyasi leksikona gətirməklə Türkiyə–Azərbaycan ittifaqının sarsılmazlığını təmin etdi.
Dahi şəxsiyyət kimi Heydər Əliyev bəşəriyyət qarşısında da müstəsna və əvəzsiz xidmətlər göstərmişdir. 1994-cü ildə “Əsrin müqaviləsi” ilə əsası qoyulan  neft strategiyası  təkcə ölkəmiz üçün deyil, eyni zamanda, qonşu Gürcüstan, qardaş Türkiyə, İsrail və Avropa dövlətləri üçün də ciddi töhfələr verdi və onların enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadı.
Uzun əsrlər boyu qapalı olan Avrasiya dəhlizi məhz ulu öndərin müdrik siyasəti ilə açıldı. Bakı–Ceyhan kimi nəhəng neft kəməri tikilməklə kifayətlənmədi, onun cızdığı yol xəritəsinə uyğun olaraq sonradan Bakı-Tbilisi-Qars dəmir yolu, eyni zamanda, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri, üç dənizi – Xəzər, Aralıq və Adriatik dənizlərini birləşdirən nəhəng qaz kəməri layihələri həyata keçdi. Ulu öndər dövlətin demokratik yolla idarəetmə prinsiplərini, ölkənin inkişafının yol xəritəsini müəyyənləşdirdi, gənc Azərbaycan Respublikasında dövlət başçısı institutunun əsaslarını formalaşdırdı.
Etiraf etmək lazımdır ki, vaxtilə onunla bir yerdə çalışan və dünyanı idarə edən nəhəng siyasətçilərdən heç biri mənsub olduqları xalqların tarixində və milli yaddaşında Heydər Əliyev qədər əbədi yaşaya bilmədi. Hətta belə bir şansı qazanan Eduard Şevardnadze də siyasi təlatümlərin içərisində əriyib yox oldu. Daha çətin, daha amansız və daha ədalətsiz münasibətlərdən və burulğanlardan ləyaqətlə çıxan ulu öndərin parlaq şəxsiyyəti xalqımızın və bəşəriyyətin tarixində əbədiləşdi.
Heydər Əliyevin yaratdığı müasir Azərbaycanı yüksək inkişaf səviyyəsinə qaldıran və dünyada söz sahibi edən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin müstəsna xidmətləri ulu öndərə olan sədaqət hissinin ifadəsi kimi cəmiyyətdə rolunu bu gün də oynamaqdadır. Azərbaycan xalqı aprel ayının 11-də seçicilərin mütləq əksəriyyətinin İlham Əliyevə səs verməsi ilə ulu öndərimiz Heydər Əliyevin siyasi irsinə, Azərbaycan dövlətçiliyinə sədaqətini və məhəbbətini bir daha ifadə etdi. Mən inanıram ki, Azərbaycan xalqı yaşadıqca ulu öndərin əziz xatirəsi onun yaddaşında əbədi olaraq yaşayacaq. Allahdan ulu öndərə qəni-qəni rəhmət diləyirəm. Sağ olun.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, axşam da tədbirimiz var. Etiraz etmirsinizsə, 5 dəqiqəyə keçək. Söz demək istəyənlərin hamısı danışmaq imkanı əldə etsin. Gövhər Baxşəliyeva.
G.Baxşəliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli həmkarlar, hörmətli Sədr! Bu gün ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi bütün xalqımız tərəfindən böyük təntənə ilə qeyd edilir. Belə gündə böyük öndərimizin keçdiyi həyat yolunu, onun çoxşaxəli fəaliyyətini, yeritdiyi xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri bir daha nəzərdən keçirib təhlil etmək zərurəti yaranır. Mən burada Oqtay müəllimin indicə dinlədiyimiz çox sanballı məruzəsini qeyd eləmək istərdim. Demək olar ki, bu məruzədə ulu öndərimizin Azərbaycan naminə gördüyü böyük işlərə tam adekvat və dolğun qiymət verilmişdir.
Qısa çıxışımda mən Heydər Əliyevin titanik fəaliyyətinin kiçik bir hissəsinə toxunmaq, onun xarici siyasəti haqqında müəyyən təhlillər apararaq öz mülahizələrimi sizinlə bölüşmək istərdim. Dövlət quruculuğunun bütün sahələri kimi müstəqil dövlətimizin yeni beynəlxalq münasibətlərinin qurulması da Heydər Əliyevin adı ilə bağlı olub. Qüdrətli dövlətlərin mənafelərinin toqquşduğu mühüm geostrateji mövqeyi, zəngin yeraltı və yerüstü sərvətləri ilə böyük dövlətlərin diqqətini çəkən Azərbaycanda bütün bu məsələlərin həlli böyük müdriklik, uzaqgörənlik və  polad siyasi iradə tələb edirdi.
Heydər Əliyev hakimiyyətə qayıdandan sonra ilk günlərdən dövlətin xarici siyasətinin prinsiplərini, xarakterini müəyyənləşdirdi. O ilk növbədə əvvəlki hakimiyyətin xarici siyasət sahəsində buraxdığı kobud səhvləri və bunun nəticəsində Azərbaycan ətrafında formalaşmış çox gərgin beynəlxalq siyasi vəziyyəti aradan qaldırmaq istiqamətində iş aparmağa, ölkənin strateji maraqlarını region dövlətlərinin, Qafqazda xüsusi təsiri olan ayrı-ayrı dövlətlərin maraqları ilə uzlaşdırmağa yönəlmiş siyasət yürütməyə başladı. Hələ Milli Məclisin, o vaxt Ali Sovetin Sədri seçilərkən xarici siyasətin başlıca prioritetlərini müəyyənləşdirdi.
Azərbaycanın müstəqilliyini təmin edən atributlardan biri xarici siyasətdir. Azərbaycanın düşünülmüş sağlam, uzaqgörən xarici siyasəti olmalıdır. Elə xarici siyasəti olmalıdır ki, ölkəmizi dünya dövlətləri birliyinə bağlasın, onun bütün dövlətlərlə əlaqəsini, mənafeyini, dünya miqyasında bir müstəqil dövlət kimi tanıdılmasını təmin edə bilsin.
Heydər Əliyev 1990-cı illərin əvvəllərində Azərbaycanın xarici siyasətində yer tutan özünütəcrid xəttinin tamamilə yolverilməz və milli maraqlara zidd olduğunu vurğulayırdı. Ölkənin mənafelərini qorumaq istiqamətində emosiyadan uzaq, hərtərəfli, ölçülüb-biçilmiş addımların atılmasının gərəkliyini vurğulayan ulu öndər Azərbaycanın dövlətçilik mənafelərini hər şeydən uca tutaraq müxtəlif ölkələrin Qafqaz və bilavasitə Azərbaycan Respublikası ilə bağlı maraqlarını və bu bölgədə nüfuz dairəsi uğrunda mübarizələrini nəzərə alaraq, çevik manevrlər və xüsusi taktiki gedişlər etdi. Onun müstəqil Azərbaycanın dövlət quruculuğu, xarici və  daxili siyasəti haqqındakı fikirləri, ideya və  düşüncələri ölkəmizin işıqlı gələcəyinin gerçəkləşməsinə yönəlmişdir.
Şərq müdrikliyini və Qərb praqmatizmini özündə birləşdirən xarici siyasət konsepsiyasının əsasını məhz Heydər Əliyev qoydu. O deyirdi: “Bizim xarici siyasətimiz birinci növbədə Azərbaycanın dövlət müstəqilliyini təmin etməyə yönəlməlidir”. Göstərilən prinsip bu gün bizim xarici siyasətimizin təməlini təşkil edir. Mənafeyi Azərbaycanın dövlətçilik və milli mənafeləri ilə uyğun gələn, üst-üstə düşən dövlətlərlə tərəfdaşlıq və müttəfiqlik münasibətləri yaratmaq...
Sədrlik edən. Çox sağ olun, Gövhər xanım. Mən bilirəm, hamının ürəyi doludur, yarım saat da danışa bilər. 5 dəqiqəyə keçək ki, axşamkı tədbirə gecikməyək. Zahid Oruc.
Z.Oruc. Sağ olun, hörmətli Sədr. Hörmətli həmkarlar! Bu gün böyük dövlət adamı Heydər Əliyevin 95 illik yubileyidir. Mənim aləmimdə Heydər Əliyev kimi şəxsiyyətlərin yalnız doğum günü var, ölüm günü yox. Çünki belə insanların həyatı hamımızın ömrünü ölçən təqvimlə müəyyənləşmir.
Heydər Əliyevin şəxsi həyatı olubmu? Mənim aləmimdə yox. Çünki Azərbaycanın böyük bir dövründən danışanda sanki Heydər Əliyevdən danışırsan və ya əksinə. 
Heydər Əliyevin 95 illiyi ilə Azərbaycan Cümhuriyyətinin 100 illiyi bir-birinə çox yaxındır. Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etdiyinə görə bu gün həm də müstəqilliyimizin yubileyidir. Çünki dediyim kimi, bir-birinə bağlıdır. Əgər Heydər Əliyev dövlət müstəqilliyimizi xilas etməsəydi, onun 100 illiyindən də danışa bilməzdik.
Heydər Əliyev sovet dövlətinin rəhbərlərindən biri olub. Sovet dövründə onun uğurunu heç kim təkrarlaya bilməyib. Mən çox arzulayıram ki, postsovet dövründə istər Rusiyanın, Amerikanın, istərsə də digər dövlətlərin həyatında ona bərabər olmasa da, liderlik keyfiyyətlərinə, müdrikliklərinə görə ona yaxın olan vəzifəli insanlar yer tuta bilsinlər.
Heydər Əliyev milləti xilas eləyib. Bunu hamı dedi və cənab Sədr də məruzəsində xüsusi vurğuladı. Amma biz həm də yüzlərlə insan tanıyırıq ki, Heydər Əliyev onların həyatında şəxsən iştirak eləyib. Bu mənada xalqın Heydər Əliyevi yetirməsi, yetişdirməsi nə qədər doğru fikirdirsə, bir o qədər də “Heydər Əliyevin xalqı” ifadəsi doğru fikirdir.
Dördüncü demək istədiyim məsələ odur ki, Heydər Əliyevə münasibət tarixidir. Subyektlərin rəyindən asılı deyil. O böyük zirvədən nə saxta təriflər heç nə apara bilmir, nə qərəzli hücumlar. Yəni Heydər Əliyevin tarixdəki yeri qazanılıb, qurtarıb, bitib.
Heydər Əliyev haqqında danışanda biz hamımız deyirik, “o, sistem adamı idi”. Çünki Dövlət Təhlükəsizlik Komitəsinin şinelindən çıxmışdı. Hamı belə deyirdi, bu gerçək idi, amma mənim zənnimcə, o qurumun şinelindən çıxan yüz minlərlə insandan fərqli olaraq Heydər Əliyev öz sistemi olan adam idi.
Hamı qeyd edir, Heydər Əliyevi siyasi rəhbərlikdə olduğu bütün dövr ərzində qarabaqara izləyən adamlar olub.  Biz onların bir çoxları haqqında eşidirik, bilirik. Bu fikir doğrudur ki, dahi doğulanda kütbeyinlər də ona qarşı birləşirlər. Bu bizdən, bizim iradəmizdən kənardadır. Məsələn, Meksikada ona qarşı bir kampaniya apardılar və heykəlini də hansısa bir yerdən götürdülər. Amma Heydər Əliyevin oradakı obrazı qaldı. Demək ki, Heydər Əliyevin gücü heykəllərdə deyil. Heydər Əliyevin əbədiliyini təmin eləyən heykəllər deyil. Bir heykəl də olmasa, Heydər Əliyevin ürəklərdə qazandığı  heykəl əbədi qalacaq.
Heydər Əliyev mənim aləmimdə müqəddəs kitab kimidir. Hər dəfə oxuyanda onu təzədən dərk edirsən. Mənim aləmimdə Heydər Əliyev haqqında sonuncu kitabı yazmaq heç vaxt mümkün olmayacaq. Çünki Heydər Əliyevi sona qədər heç vaxt dərk eləmək mümkün olmayacaq. Onda o mənim aləmimdə Heydər Əliyev olmaz.
Heydər Əliyevin şəxsiyyəti Azərbaycanın ərazisini böyüdüb, 86,6-dan kənara çıxarıb. Ona görə nə qədər miqyaslı insanlarımız olsa, Azərbaycanın ərazisi bir o qədər böyüyəcək.
Heydər Əliyevə xəyanət eləyənlərin heç biri uğur qazana bilmədi, bəzən çörək tapa bilmədi. Heydər Əliyevin yolu nə vaxt qırıldısa, Azərbaycan da ondan ziyan çəkdi. 1987–1993-cü illər buna misaldır. Ona görə Heydər Əliyevin siyasi xətti həmişə hakimiyyətdə olacaq. Ola bilər, prezidentin soyadı Əliyev olmasın, amma Heydər Əliyevin kursu həmişə hakimiyyətdə olacaq. Heydər Əliyevin böyüklüyü bu milləti balacalaşdırmır, böyüdür. Ona görə də belə insanların hər zaman Azərbaycan dövlətçiliyinin müqəddəs istinad nöqtəsi kimi qəbul olunduğunu bəyan eləməliyik.
İlham Əliyev Heydər Əliyevin bioloji övladı olmaqdan daha çox siyasi varisidir. İlham Əliyev XXI əsrdə ötən əsrin çətinliklərindən, mürəkkəbliklərindən daha böyük çağırışlar qarşısında elə addımlar atıb ki, mənim aləmimdə o, 57 yaşlı Heydər Əliyevdir.
Bu çıxışlar gözəldir, cənab Sədr. Yaxşı təşəbbüs göstərmisiniz. Bu tədbirlər də tarixə yazılır. Yəqin ki, bunlar da sonra mediada veriləcək, dinləniləcək.
Heydər Əliyev obrazının heykəltəraşlıqda, rəssamlıqda nümunələri yaradılır. Amma biz onun hələ ki filmlərdə bədii obrazını görməmişik. Mən çox istərdim ki, onu yaradaq. Biz müxtəlif ölkələrin parlamentlərində görmüşük ki, salonda tarixi şəxsiyyətlərin büstü və ya digər bir obrazı var. Çox arzulayardım ki, Heydər Əliyevin portreti orada qalsın. Tarixi şəxsiyyətlərin başqaları da ora əlavə olunmalıdırsa, olunsun. Mən daha yeni fikir əlavə etmək istəmirəm. Zamanım çatdı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.
R.Cəbrayılov. Çox sağ olun, cənab Sədr, təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli həmkarlar! Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətləri o qədər çoxşaxəli, o qədər çoxsaylıdır ki, hər bir xidməti onu ulu öndər, ümummilli lider kimi xarakterizə etməyə imkan verir. Lakin mən düşünürəm ki, Heydər Əliyevin bu xidmətləri arasında bir xidməti onun digər xidmətlərinin fövqündə dayanır. Min illər keçsə belə, Azərbaycan xalqı bu xidmətinə görə ulu öndərə minnətdar olacaq. Onun bu müstəsna xidməti de-fakto Azərbaycan Respublikası adlı dövlətimizi yaratmasıdır. Düzdür, opponentlərimiz deyə bilərlər ki, Heydər Əliyev hakimiyyətə qayıdanda indiki coğrafi ərazimizdə Azərbaycan Respublikası adlı dövlət var idi, BMT-yə üzv də qəbul olunmuşdu. Amma həmin vaxt  Azərbaycanda əslində dövlət deyil, siyasi özfəaliyyət dərnəyi səviyyəsində olan bir qurum var idi.
Hər kəs yaxşı bilir ki, de-faktodan qaynaqlanmayan, onunla möhkəmlənməyən de-yure boş bəyanatdan başqa bir şey deyil. Tarix bunun parlaq nümunələrini göstərib. Azərbaycan Xalq Cümhuriyyətinin timsalında da bunu görürük. Cümhuriyyətçilərimiz hələ 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətini elan edəndə de-yure  Azərbaycan Respublikası adlı dövlət var idi, amma de-fakto heç onun ərazisinə daxil olmaq mümkün deyildi.
Heydər Əliyev Azərbaycanda hakimiyyətə qayıdanda burada vəziyyət acınacaqlı idi, xaos, özbaşınalıq, anarxiya hökm sürürdü. İqtisadiyyat dağıdılmışdı, Azərbaycan gəncliyi parçalanıb müxtəlif qanunsuz hərbi birləşmələrə cəlb olunaraq faktiki qarşı-qarşıya qoyulmuşdu. O vaxt iqtidarda olan insanlar məsuliyyətsiz bəyanatlarla Azərbaycanı qonşu dövlətlərlə az qala müharibə vəziyyətinə gətirib çıxarmışdılar. Azərbaycanın ərazi bütövlüyü pozulmuşdu. Cənub bölgəsində bir qondarma “talış-muğan respublikası” yaradılmışdı. Şimal bölgəsinin Azərbaycandan ayrılması istiqamətində separatçı fəaliyyətlər hamıya məlumdur. Gəncəbasar bölgəsi, obrazlı desək, Surət Hüseynov tərəfindən özəlləşdirilmişdi. Qarabağda Azərbaycan torpaqlarının müdafiəsi isə sadəcə taleyin ümidinə buraxılmışdı. Məhz elə buna görə də Azərbaycan torpaqları, rayonları dalbadal işğal olunmaqdaydı.
Belə bir şəraitdə hakimiyyətə gələn Heydər Əliyev de-fakto Azərbaycan Respublikası adlı dövləti yaratdı və bir daha sübut etdi ki, de-yure dövləti elan etmək de-fakto onu qurmaqdan, qoruyub saxlamaqdan asandır. Heydər Əliyev Azərbaycan Respublikası adlı dövlətimizi daxili və xarici düşmənlərdən qoruyub saxladı. Azərbaycan Xalq Cümhuriyyətinin taleyi, müstəqilliyi de-yure elan olunmuş dövləti qoruyub saxlamağın onu de-fakto qurmaqdan nə qədər çətin bir iş olduğunu sübut edən parlaq misaldır.
Heydər Əliyev yaxşı bilirdi ki, milli özünüdərk hissinə sahib olmayan bir xalq müstəqil dövlət yarada, suveren dövlət qura bilməz. Onun bu istiqamətdə fəaliyyəti hələ respublikaya birinci rəhbərliyi dövründə başlamışdı. Onun Azərbaycan milli adət-ənənələrini qoruyub saxlamaq istiqamətində fəaliyyəti, Azərbaycan ziyalılarını sovet dövlətinin repressiv mexanizmindən müdafiə etməsi, Azərbaycan gənclərini o vaxtkı ən qabaqcıl ali məktəblərə təhsil almaq üçün göndərməsi, milli kadr potensialını formalaşdırması, 1974-cü ildə qəbul olunmuş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan  dilinin dövlət dili kimi qeyd edilməsinə nail olması məhz bu məqsədlərə xidmət edirdi. Azərbaycan xalqının milli özünüdərk hissinin oyanışı 1980-ci illərin sonlarında milli azadlıq hərəkatının geniş vüsət almasının və sovet imperiyasının süqutunun əsas səbəblərindən biri oldu.
Heydər Əliyev bilirdi ki, kiçik bir ölkə olan Azərbaycanın müstəqilliyini, suverenliyini onun ümumi bir əqidə – milli ideya ətrafında sıx birləşməyən vətəndaşları hesabına qorumaq çətindir. Ona görə də o, azərbaycançılıq ideyasını yaratdı.
Ömrünün son dövründə isə Heydər Əliyev daha bir tarixi addım atdı. O, siyasi varislik məsələsini həll etdi. Tarix sübut etdi ki, bu məsələdə də ulu öndər çox uzaqgörən və dahiyanə bir addım atıb.
Bu gün Azərbaycan xalqının qazandığı uğurlar ulu öndərin Azərbaycan Respublikasının strateji inkişaf xəttini işləyib hazırlaması və bu xəttin cənab Prezident tərəfindən həyata keçirilməsi...                
Sədrlik edən. Sağ olun. Rafael Hüseynov. 
R.Hüseynov. Hörmətli millət vəkilləri, dahi Hüseyn Caviddən bizə zərbi-məsələ bənzəyən və həmişə Azərbaycan insanları üçün fəaliyyət düsturu ola biləcək misralar yadigar qalıb. “Bəxtiyarsan, əgər çəkdiyin əmək, cahan sərgisinə versə bir çiçək.” Heydər Əliyev bəxtiyar bir insan idi. Çünki onun illər boyu çəkdiyi əməklər cahan sərgisinə, Azərbaycan sərgisinə elə solmaz çiçəklər bağışlayıb ki, Azərbaycan xalqı var olduqca, bu yurd var olduqca o çiçəklər həmişə yaşayacaq, Azərbaycan insanını daha xoşbəxt sabahlara doğru aparacaq.
Mən xatırlayıram, unudulmaz Heydər Əliyev 1990-cı illərin ortalarında xarici ölkələrdən gəlmiş böyük bir nümayəndə heyətini qəbul edirdi. O vaxt Azərbaycanın həyatında, siyasi gerçəkliyində son dərəcə mürəkkəb bir zaman idi. Heydər Əliyev o qonaqlara söylədi ki, bizim dini əsatirdə “sirat körpüsü” deyilən bir anlayış var. Bu, cənnətlə cəhənnəm arasında olan bir körpüdür ki, dini inanca görə tükdən nazik, qılıncdan itidir. Bu gün, – 1990-cı illərin ortasını nəzərdə tuturdu unudulmaz Heydər Əliyev, – Azərbaycanın atdığı hər bir addım tükdən nazik, qılıncdan iti bir körpünün üstü ilə getmək kimidir. Sağa və ya sola yanlış bir addım uçuruma yuvarlanmaq deməkdir.
Azərbaycan yurdunun, Azərbaycan insanının xoşbəxtliyi idi ki, tarix bizə son dərəcə mürəkkəb zaman kəsiyində Heydər Əliyev kimi nəhəngi nəsib elədi. Allahın verdiyi fitri istedad, qabiliyyət, iradə, qətiyyət – bunlar hər biri öz yerində, lakin tarix Heydər Əliyevə elə bir bioqrafiya vermiş, onu elə bir məktəb, elə bir zaman içərisindən keçirərək yetişdirmişdi ki, o, Azərbaycana çox hündürlərdən baxa bilirdi. Ona görə də Azərbaycanı o bəlaların içərisindən, o girdabdan xilas eləyə bildi.
Heydər Əliyevin dövründə də Azərbaycanda kifayət qədər dövlətçilik təcrübəsi, siyasi təcrübəsi, ağlı, zəkası olan insanlar vardı. Lakin Heydər Əliyevin üstünlüyü onda idi ki... Çıxışımın əvvəlində mən unudulmaz böyük şairimiz Hüseyn Cavidin misralarını dedim. 1982-ci ildə, yəni şairin Sibir buzlaqlarına gömülməsindən 41 il sonra Heydər Əliyev Azərbaycan xalqı qarşısında, ictimai vicdanımız önündə qəhrəmanlıq göstərərək sovet dönəminin  ən  qəliz bir zamanında Hüseyn Cavidi vətəninə qaytardı. Bu bir rəmz idi. O, Heydər Əliyevin gördüyü işlərdən bircəsi idi. Amma bu bircə işin içərisində Heydər Əliyevin fəaliyyətlərinin fəlsəfəsi əksini tapmışdı. Heydər Əliyev Cavidi Azərbaycana qaytarmaqla Azərbaycan insanının ləyaqət hissini, məğrurluq hissini özünə qaytardı. Heydər Əliyevin ömrünün son illərində iftixarla söylədiyi “Mən azərbaycanlıyam” ifadəsi, əslində, onun bütün yaradıcılığının, fəaliyyətinin başlıca meyarı, məhək daşıdır.
Heydər Əliyev həm də ona görə böyük bir insan və xoşbəxt bir şəxsiyyətdir ki, onun qurduğu yol, yaratdığı imarət, bünövrəsini tökdüyü bu böyük Azərbaycan mülkü ondan sonra etibarlı əllərdə qalır. Yol yaratmaq bir xoşbəxtlikdir, amma yolu yaşatmaq ondan da böyük bir hünərdir.
Heydər Əliyev ona görə bəxtiyardır ki, onun yolu yarımçıq qalmadı. Bu yol davam edir. İstiqlalımız, müstəqilliyimiz 100 yaşına çatır. 100 illik müstəqillik tarixinin biz yalnız 29 ilini müstəqil dövlət kimi yaşamışıq. İki ili XX əsrin əvvəllərində, iki ili 90-cı illərin əvvəllərində... Müstəqilliyimizin qırılmaq təhlükəsi olanda Heydər Əliyev onu qüdrətli əlləri ilə qorudu, saxladı. XX əsrdən XXI əsrə gedirdik.
Bu müstəqilliyin 25 ili iki böyük şəxsiyyətin – unudulmaz Heydər Əliyevin və Azərbaycan dövlətini bu gün uğurla irəlilədən Prezidentimiz İlham Əliyevin adı ilə bağlıdır. Yolu yaratmaq bir şərəfdirsə, – bu şərəf həmişə Heydər Əliyevlə birgə olacaq, – yolu yaşatmaq ikinci bir şərəf, ikinci bir hünərdir. Bu həmişə böyük dövlətçi və siyasətçi – Prezidentimiz İlham Əliyevin adı ilə bağlı olacaq. Yolu yaradana şərəf olsun, yolu yaşadana şərəflər olsun.
Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J.Əliyeva. Təşəkkür edirəm. Böyük Azərbaycan mütəfəkkiri və şairi Məhəmməd Hadi ötən əsrin əvvəllərində böyük bir ürək ağrısı ilə yazmışdı: “Yox millətimin xətti bu imzalar içində”. Məhəmməd Hadi bu misraları yazarkən bilməzdi ki, çox keçməyəcək, qədim Azərbaycan torpağı Naxçıvanda sadə bir ailədə bir oğlan uşağı dünyaya gələcək. Bu oğlan böyüyüb təkcə ailəsinin, yaxınlarının, onu tanıyanların deyil, böyük bir xalqın ümidinə, qüruruna, yol göstərəninə, liderinə çevriləcək. Və elə bu misraların yazıldığı XX əsrdə öz zəkası, iradəsi və uzaqgörənliyi ilə millətinin xəttini nəinki imzalar içərisinə çıxaracaq, vətənini dünyanın sayılan dövlətlərindən birinə çevirəcək.
Aqillərdən biri deyib ki, əgər öldükdən sonra da yaşamaq istəyirsənsə, o zaman ölümsüz bir əsər yarat. Heydər Əliyev də ölümsüz bir əsər yaratdı. Bu əsərin adı müstəqil, sarsılmaz, qüdrətli Azərbaycandır. Bu gün ətrafımızda baş verən yaxşı nə varsa, hamısının arxasında o böyük insan, onun ölməz ideyaları, vətənini və xalqını canından çox sevməsi durur.
Ulu öndərin ölkə və xalq qarşısında xidmətləri o qədər böyükdür ki, onları sadəcə sadalamaq belə saatlara sığışmaz. Mən bu çox məhdud vaxt çərçivəsində onun misilsiz xidmətlərindən sadəcə birini xatırlatmaq istərdim. Doğrudur, çox hörmətli Rafael müəllim bir az əvvəl çıxışında həmin məsələyə toxundu. Amma mən də özümə bir borc bilirəm. Çünki həmin xatirə mənim yeniyetməlik, gənclik dövrümdən qırmızı bir xətlə keçir.
1982-ci ildə Naxçıvan vilayət partiya komitəsi Azərbaycan Sovet Respublikasının rəhbəri Heydər Əliyevin təşəbbüsü ilə Hüseyn Cavidin məzarının tapılması, qalıqlarının Azərbaycana gətirilməsi ilə bağlı qərar qəbul etdi. Bu qərarın icra olunmasına bilavasitə Heydər Əliyev özü rəhbərlik edirdi.
Heydər Əliyev Cavidin cənazəsinin qalıqlarının uzaq Sibirdən Azərbaycana gətirilməsi üçün SSRİ kimi nəhəng bir dövlətin birinci şəxslərinə müraciət etmişdi. Bu məsələni həll etmək üçün yüksək nüfuza sahib olmaq vacib idi. Amma ən başlıcası bu addımı atmaq böyük cəsarət tələb edirdi. Təbii ki, həmin dövrdə bütün bunları yalnız Heydər Əliyev edə bilərdi və etdi.
Onun rəhbərliyi ilə təşkil edilən komissiya iki həftə ərzində uzaq və soyuq Sibirdə böyük ədibin məzarını axtardı, tapdı. Məzar qazıldı, qalıqlar çıxarıldı və Cavid əfəndi üzü vətənə yol tutdu. O dövrdə Naxçıvan vilayət partiya komitəsinin katibi olmuş Həmid Cəfərov xatirələrində yazır ki, əvvəlcədən planlaşdırdığımız kimi Hüseyn Cavid İrkutsk–Moskva– Yerevan–Naxçıvan marşrutu ilə doğma yurduna qayıtmalı idi. İrkutskdan Moskvaya uçanda stüardessa mənə Bakıdan gələn tapşırığı çatdırdı. Heydər Əliyevin göstərişi ilə siz oktyabrın 26-da Moskvadan birbaşa Bakıya uçmalısınız.
Beləcə, Azərbaycan rəhbərinin – Heydər Əliyevin tapşırığı ilə marşrut dəyişdirilir. Bu adi bir tapşırıq deyildi. Cavid doğulduğu torpağa –  Naxçıvana Ermənistandan, Yerevandan deyil, uğrunda qurban getdiyi Azərbaycanın paytaxtından qayıtmalı, ilahi ədalət bərpa olunmalı idi. O, Sibirə Bakıdan getmişdi, ruhunu Bakıda qoyaraq getmişdi və özü də, ruhu da Bakıya mütləq qayıtmalı idi. Bax bu idi Heydər Əliyev böyüklüyü, Heydər Əliyev cəsarəti, Heydər Əliyev uzaqgörənliyi, Heydər Əliyev vətənpərvərliyi.
Bu hadisə, – bayaq da qeyd etdim, – mənim, 16 yaşlı gənc qızın həyatına bir möhür vurdu. Azərbaycanlı olmağın qüruru qəlbimi fərəh hissi ilə doldurdu. Həmin gün Heydər Əliyev mənim və mənim kimi yüzlərlə, minlərlə gəncin qəlbində əbədi bir taxt qurdu – sonsuz ehtiram, əbədi sevgi taxtı.
Ulu öndər deyirdi ki, mən Azərbaycanda əbədiyəm. Onun bir sərraf dəqiqliyi ilə dilə gətirdiyi bu ifadənin nə qədər həqiqət olduğunu Azərbaycanımızın bu günü, sabahı naminə ölkə Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi əzəmətli fəaliyyətin timsalında bir daha görürük.
Heydər Əliyev bir günəşdir. Günəş qərinələr boyu yer üzünü aydınlatdığı kimi Heydər Əliyev düşüncələri, ideyaları, əməlləri hər zaman günəş kimi Azərbaycanımızın üzərində doğacaq, xalqı üçün yaratdığı qüdrətli dövlətində əbədi yaşayacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aqiyə Naxçıvanlı.
A.Naxçıvanlı. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri, vaxtilə böyük filosof Platon demişdir ki, ədalət, müdriklik və güclü hakimiyyətin bir yerdə olacağı gün bəşəriyyət xoşbəxtliyə qovuşacaqdır. Azərbaycan xalqının ümummilli lideri, qüdrətli strateq Heydər Əliyevə tarixdə əbədilik qazandıran ən başlıca amil də onun məhz bu üç dəyəri bir araya gətirməsidir. Onun tarixi xidmətləri, xilaskarlıq, quruculuq missiyası, dahiliyi, həyata keçirdiyi siyasi, iqtisadi, sosial, mədəni islahatlar haqqında çox yazılıb və hələ bundan sonra da yazılacaqdır.
Heydər Əliyev haqqında danışmaq onun müəllifliyi ilə yaradılmış tarixi cəmiyyətin düşüncə tərzini dərk etməkdir. İllər ötdükcə ümummilli lider Heydər Əliyevin əzəmətini daha aydın dərk edir, qoyub getdiyi tarixi irsini, ideyalarının yüksək dəyərlərini dərindən anlayırıq. Heydər Əliyevin həyat dərsləri insan iradəsinin yenilməzliyinin parlaq nümunəsidir.
Xalqların tarixində müstəsna rol oynamış fenomen şəxsiyyətlərə layiq olduqları əsl qiyməti vermək, onların vətən və xalq naminə göstərdiyi misilsiz xidmətləri obyektiv qiymətləndirmək son dərəcə böyük məsuliyyət tələb edir. Belə gerçəklik fonunda düşünülən ən xoş xatirələr, siyasi, elmi, politoloji fikir və mülahizələr də Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin böyük insan və dahi şəxsiyyət kimi böyüklüyünün miqyası barədə dolğun təsəvvür yaratmaqda acizdir.
Şərəfli və mənalı ömür yolunun əsas hissəsini xalqın nicatına həsr etmiş ulu öndərimiz Heydər Əliyev müasir Azərbaycan dövlətçiliyinin ideoloji əsaslarını yaratmış, xalqı həqiqi müstəqilliyinə qovuşduraraq ictimai şüurda əbədi yaşamaq hüququ qazanmışdır. 
XX əsr Azərbaycan  tarixinin ən parlaq siması, qüdrətli şəxsiyyəti olan ulu öndərimizin siyasi obrazı xalqımızın dövlətçilik şüurunda tarixi sınaqlardan şərəflə çıxmış bütöv bir idarəçilik məktəbinin, müasir ictimai-siyasi fikrin ən yüksək keyfiyyətlərini özündə əks etdirir. Tarixin ən sərt və çətin sınaqlarından keçməklə xalqımızın əxz etdiyi milli dövlətçilik ənənələri məhz Heydər Əliyevin rəhbərliyi altında vahid sistem halına salınmışdır. Özünütəsdiq imkanı qazanmış xalqımız həm də müstəqil dövlətində yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarmışdır.
Ulu öndərimiz çıxışlarında hər zaman vurğulayırdı ki, müstəqil dövlət quruculuğunun nailiyyətlərini təmin edən əsas şərtlərdən birincisi məhz mənəvi, siyasi irsin varisliyidir. Bu siyasi irs Azərbaycan milli dövlətçiliyinin dini, siyasi, etnik tolerantlığı əsas kimi qəbul edən müasir modelini, dünyanın mövcud reallığı kontekstində demokratik idarəetmə fəlsəfəsini, mənəvi dəyərlərimizin qorunmasını, cəmiyyətin bütün potensialının milli maraqlar kontekstində səfərbər edilməsini, ictimai sabitlik faktoruna istinad edən yeni iqtisadi inkişaf strategiyasını, habelə hakimiyyətlə cəmiyyət arasında daimi həmrəyliyin yaradılmasının elmi əsaslarını konseptual formada əks etdirir.
Təsadüfi deyildir ki, Heydər Əliyevin rəhbərliyi altında hakimiyyət böhranı qısa müddətdə aradan qaldırıldı. Vətənimiz düçar olduğu bəlalardan xilas olundu. Ölkəmizi sürətlə fəlakətə aparan təhlükəli proseslərin qarşısı alındı. Xalqımız müstəqilliyə və firavan gələcəyə inamla qayıtmağa müvəffəq oldu. Tarix bir daha sübut etdi ki, yalnız qüdrətli şəxsiyyətlər xalqı öz arxasınca apara, ən mürəkkəb proseslərdən baş çıxararaq, onu idarə etməklə cəmiyyətin iradəsini uyğun məcraya yönəldə bilər.
Bu gün Heydər Əliyevin siyasəti etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin irəli sürdüyü ideyaları Prezidentimiz cənab İlham Əliyev layiqincə həyata keçirir. Biz dahi liderimiz Heydər Əliyevin əziz xatirəsini məhəbbət və ehtiramla yad edir və inanırıq ki, müstəqil Azərbaycan yaşadıqca Heydər Əliyev adı, Heydər Əliyev dühası və amalları daim günəş kimi Azərbaycan üzərində parlayacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən.  Sağ olun. Elmira Axundova.
E.Axundova. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, 1990-cı ilin qışı idi. Mən bir dostum və həmkarımla birlikdə Heydər Əliyevlə Naxçıvanda darısqal bir otaqda oturmuşduq və o bizə keçmiş həyatından, Qorbaçovla qarşılıqlı münasibətlərindən, SSRİ-nin dağılmağa məhkumluğundan, respublikamızın isə tezliklə müstəqil olacağından qeyri-adi şeylər danışırdı. Biz Heydər Əliyevə baxırdıq və mən düzünü desəm, ona, onun proqnozlarına inanmırdım. Lakin düz bir ildən sonra Mixail Qorbaçov və onun rəhbər olduğu dövlət iflasa uğradı və tarixin arxivinə verildi. Sonradan məşhur siyasətçilər, Qərbin müxtəlif strateji mərkəzlərinin əməkdaşları etiraf edirdilər ki, SSRİ-nin belə tez bir zamanda iflasa uğramasını gözləmirdilər. Lakin Heydər Əliyev öz dühası, siyasi duyğusu ilə bunu hamıdan tez bəlkə duymuş və Azərbaycanda müstəqillik uğrunda başlanan mübarizənin önündə getmişdi.
Dahi filosof Konfutsidən bir dəfə soruşurlar: “Dövlət nəsiz yaşaya bilər – silahsız, çörəksiz, inamsız?” Konfutsi cavab verir: “Dövlət silahsız uzun illər yaşaya bilər, çörəksiz də bir qədər yaşaya bilər, amma inam olmasa dövlət bir gün də yaşaya bilməz.”
1990-cı ilin əvvəlində biz inamımızı itirmişdik. Ona görə də respublikamız dağılmağa başlamışdı. Heydər Əliyev öz gəlişi ilə Azərbaycan xalqına ilk növbədə inam qaytardı.
Bu insanın sirri nədə idi? Niyə bütün ağlagələn və ağlagəlməz vəziyyətlərin əksinə olaraq eyni çaya iki dəfə girib oradan qalib çıxa bilmişdi. Mənə elə gəlir ki, bunun açması məşhur ingilis siyasətçi Uinston Çörçilin bir deyimindədir. Cörçil bir dəfə demişdir: “Dəyişən vəziyyətə müqabil olmağın yeganə üsulu onunla birlikdə dəyişməkdir”. Heydər Əliyev zamana və vəziyyətə uyğun dəyişə bilirdi və bunu kifayət qədər orqanik edirdi. Zira onun üçün əsas doğma vətəni, sevimli Azərbaycanın milli maraqları idi.
Heydər Əliyev çox çətin bir ömür yaşayıb. O, sitayiş etdiyi idealların puça çıxmasını görüb. O, sədaqətlə, canidildən xidmətində durduğu ölkənin dağılmasına tab gətirib. O, yeni dövrə qədəm qoyub həyatını sıfırdan başlayaraq siyasi Olimpi ikinci dəfə fəth edib. lakin bu tamamilə başqa bir ölkədə, başqa bir dövrdə baş verib. Çoxcildlik roman-tədqiqat üzərində işləyəndə hərdən mənə elə gəlirdi ki, müxtəlif adamlar haqqında yazıram. Çünki ağlagəlməz dərəcədə fərqli faktların, hadisələrin bir insan ömrünə sığması inanılmazdır.
El inancına görə may ayında dünyaya gələn insanları fələk ağır, təlatümlü, keşməkeşli həyata məhkum edir. Bu falın hər dəfə düz çıxıb çıxmadığını bilməsəm də, Heydər Əliyevin insani və siyasi tərcümeyi-halı, doğrudan da, çətin sınaqlarla işarələnmişdir.
Deyirlər, Tanrı sevdiyi, seçdiyi bəndələrini sınaqlardan, qovğalardan keçirir. Əgər bu həqiqətən belədirsə, Heydər Əliyev ruh yenilməzliyi, mətanət imtahanlarının hamısından uğurla keçmişdir. O, zaman və tale tərəfindən səfərbər edilmiş, tarixin yeni dönəmində, yeni siyasi və ictimai-siyasi şəraitdə özünün anadangəlmə fitri, nəhəng lider potensialını gerçəkləşdirməyi bacarmış insan  idi. XX əsrdə bu, güman ki, daha heç kimə müyəssər olmamışdır. Bu, heyrətə layiq örnəkdir. Qoy onun torpağı nurla dolsun, adı əsrlərdə və gələcək nəsillərin əməllərində yaşasın.
Oqtay müəllim, bugünkü iclasa görə mən Sizə çox minnətdaram. Hamımızı təbrik edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S.Novruzov. Təşəkkür edirəm, hörmətli Sədr. Mənim üçün dahi şəxsiyyət, ulu öndər Heydər Əliyev haqqında danışmaq çox ağırdır. Hələ bu günə qədər də mən onun cismən aramızda olmadığını düşünə bilmirəm. Yəni artıq bu haqda fikirləşə də bilmirəm. Çünki Heydər Əliyevin Azərbaycan xalqı üçün etdiklərinin biz hamımız şahidiyik, burada çıxış edənlər də bunu qeyd etdilər.
Bir var Heydər Əliyevi görənlər, bir var oxuyanlar, bir də var eşidənlər. Biz ümummilli lideri görən, rəhbərliyi altında fəaliyyət göstərən və onun nə qədər böyük bir şəxsiyyət olduğunun şahidi olan insanlarıq. Onun nə qədər dövlətçi bir insan olduğuna, dövlət maraqlarını bütün maraqlardan üstün tutduğuna biz hər birimiz şahidik.
Heydər Əliyev böyük azərbaycanlı idi. Təbii ki, mən bunu onun Azərbaycanda ən böyük vəzifə tutduğuna görə deyil, Azərbaycan xalqının nə düşündüyünü, nə fikirləşdiyini, məişətindən tutmuş bütün qayğılarını əzbər bildiyi üçün deyirəm. O, azərbaycanlılara müraciət etdiyi hər bir anda da onların nə düşündüyünü gözəl bilirdi.
Heydər Əliyev çox ədalətli bir insan idi. Ona görə də onun əsas prinsipi sosial ədalət prinsipi idi. Həmişə sosial ədalət prinsipi ilə yaşayırdı və heç vaxt ədalətsizliyə yol vermirdi. Baxmayaraq ki, ona qarşı istər Moskvada, istər Bakıda, istərsə də Azərbaycanın başqa yerlərində ədalətsizliklər oldu. Lakin Heydər Əliyev bağışlayan idi.
Burada həmkarlarım çox gözəl çıxışlar etdilər. Mən onlara təşəkkürümü bildirirəm. Düşünürəm ki, kaş 1990-cı ildə Heydər Əliyev onu dəstəkləyən çıxışları, gözlədiyi vaxt belə çıxışların, heç olmasa, ikisi, üçü və ya mətbuatda bir qəzet məqaləsi olaydı ki, Heydər Əliyev də bunlardan bir təskinlik tapardı. O, yazıçılara, şairlərə üz tutub, Naxçıvana dəvət etdiyi vaxt, – qeyd edim ki, Heydər Əliyev onların hamısına ad vermiş, ev vermiş, sərbəst işləməsi üçün şərait yaratmışdı, – bu insanlar Naxçıvan Muxtar Respublikasına doğru bir addım ataydılar. Təəssüflər olsun ki, o dövrdə belə faktlar, belə hallar baş verib.
Heydər Əliyev həmişə ədalətsizliyə qarşı çıxır, onunla mübarizə aparırdı, Moskva kimi şəhərdə Rusiya kimi dövlətin nümayəndələrinə qarşı mübarizə aparırdı. Heydər Əliyev mübariz idi və haqq işi uğrunda hamını mübariz olmağa çağırırdı. Amma Heydər Əliyevi ağrıdan o idi ki, vaxtilə çörək verdiyi insanlar bu Məclisdə onun üzünə durur, ona qarşı ədalətsiz çıxışlar edir, haqsız tənqidlər səsləndirirdilər.
Heydər Əliyev ümumbəşəri bir şəxsiyyət idi. O, bütün bəşəriyyət  üçün çalışırdı. Məhz o, Yeni Azərbaycan Partiyasını yaratdı. Bu gün Yeni Azərbaycan Partiyası Azərbaycanın nailiyyətlərinin daha da artırılması üçün Heydər Əliyev siyasi xəttini davam etdirərək əsaslı işlər aparır.
Burada qeyd olundu, Oqtay müəllim də qeyd etdi, Heydər Əliyev çox böyük humanist idi. Ölüm hökmünü Azərbaycanda, Şərqdə ilk olaraq o, ləğv etdi. Halbuki bir aylıq hakimiyyətdə olanlar hər hansı bir sənədə qol çəksinlər deyə 9 nəfəri güllələdilər. Amma Heydər Əliyev hər bir insanın taleyini fikirləşir, onunla bağlı hər şeyi götür-qoy etdikdən sonra o insan haqqında qərar verirdi.
Burada oturanların hamısının üzərində Heydər Əliyevin böyük haqqı var. Mən hesab edirəm ki, bizim borcumuz bu haqqı uca tutmaq, onun siyasi varisinə dəstək olmaq, bugünkü Prezidentimizin apardığı siyasəti dəstəkləməkdir. Çünki bu siyasət ümummilli lider Heydər Əliyevin siyasi xəttidir, siyasi yoludur. O deyirdi ki, nə qədər müstəqil Azərbaycan yaşayırsa, mən də yaşayıram. Bizim borcumuz müstəqil Azərbaycanın əbədi yaşaması üçün çalışmaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Əhliman Əmiraslanov.
Ə.Əmiraslanov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də hesab edirəm ki, böyük dövlət adamı, ümummilli lider Heydər Əliyevin fəaliyyəti çoxşaxəli və son dərəcədə genişmiqyaslıdır. Oqtay müəllim, bu gün həm Sizin çıxışınızda, həm də deputat həmkarlarımızın çıxışlarında bu fəaliyyətin bu və ya digər sahələri səsləndirildi. Mən istərdim, ulu öndər Heydər Əliyevin elm, təhsil, səhiyyə sahəsində gördüyü işlərin bəzi məqamlarına toxunum.
1970-ci illərin əvvəllərində hakimiyyətə gələn ulu öndər ölkəmizdə mədəniyyətin, elmin, səhiyyənin, təhsilin inkişaf etdirilməsinin əsas yolunu yüksək ixtisaslı kadrların hazırlanmasında görürdü. Ona görə Azərbaycandan gənc, istedadlı  insanları keçmiş SSRİ-nin bu və ya digər böyük elm-təhsil mərkəzlərinə göndərərək onların orada yüksək ixtisaslı mütəxəssis kimi yetişərək Azərbaycana dönməsini təmin edirdi.
O dövrdə Moskvaya gedənlər arasında mən də olmuşam və bunu özüm üçün böyük bir xoşbəxtlik hesab edirəm. İndi təsəvvür etmək çətindir ki, o dövrdə respublikamızdan təxminən bir universitetin tələbə gənc qəbulu qədər keçmiş SSRİ-nin bu və ya digər mərkəzlərinə, təhsil müəssisələrinə göndərilir və sonra yüksək ixtisaslı mütəxəssis kimi Azərbaycana qayıdıb fəaliyyət göstərirdi. Bu gün mübaliğəsiz demək olar ki, Azərbaycanda olan tanınmış elmi məktəblərin əsas rəhbərləri, aparıcı qüvvələri məhz bu insanlar və ya onların tələbələridir.
Mən bir neçə kəlmə ulu öndərin Moskva fəaliyyəti barəsində də söz demək istərdim. O vaxt mən Moskvada çalışırdım. Moskvada ulu öndər SSRİ-nin elm, təhsil, səhiyyə sahələrinə cavabdeh bir şəxs kimi hökumətdə çox böyük işlər görürdü. Moskvada, keçmiş SSRİ-də bu barədə əfsanələr gəzirdi. Heydər Əliyev bir gün Səhiyyə Nazirliyində genişləndirilmiş kollegiya iclası keçirir, o biri gün Təhsil Nazirliyində və yaxud Elmlər Akademiyasının rəyasət heyətində iclaslar keçirirdi. O iclasların konkret nəticələri olurdu. Bu gün də Moskvada bu və ya digər sahənin mütəxəssisləri ulu öndərin o vaxt həmin sahələr üzrə gördüyü işləri böyük minnətdarlıq hissi ilə qeyd edirlər.
Bu yaxınlarda televiziyada Rusiyanın Ürək-Damar Cərrahiyyəsi Milli Tibbi Tədqiqat Mərkəzinin rəhbəri Bokeriyadan soruşdular ki, bu mərkəzi Siz neçənci ildə qurmusunuz, onun binası neçənci ildə tikilibdir? O qeyd etdi ki, bu binanın tikintisi yarımçıq qalmışdı. Heydər Əliyev hakimiyyətə gəldikdən sonra bu bina tikildi, avadanlıqlarla təchiz olundu və fəaliyyət göstərməyə başladı. Belə müəssisələrin sayı Rusiyada olduqca çoxdur.
Ulu öndər 1990-cı illərin əvvəlində Azərbaycana döndükdə   ölkəmizdə elm, təhsil, səhiyyə sahəsində vəziyyət o qədər yaxşı deyildi. Yəni daha açıq desək, elmimizin, təhsilimizin, səhiyyəmizin başının üstünü qara buludlar almışdı. Akademiyanın bağlanması barədə söhbətlər gedirdi. Məhz ulu öndərin bu sahədə apardığı uzaqgörən, uğurlu siyasət nəticəsində təhsilimiz, xüsusilə ali təhsilimiz, elmimiz, səhiyyəmiz yenidən canlanmağa başladı. Yeni müəssisələr inşa olundu və biz indi bunun nəticələrini görürük. 
Mən çox böyük məmnuniyyətlə qeyd etmək istəyirəm ki, bu gün ulu öndərin siyasəti möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
Mənə belə gəlir ki, ulu öndərin ən böyük xidmətlərindən biri də Azərbaycana möhtərəm Prezidentimiz cənab İlham Əliyev  kimi bir siyasətçini bəxş etməsidir.   
Sədrlik edən. Sağ olun. Buyursun  Ziyafət Əsgərov.
Z.Əsgərov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli həmkarlar,  bildiyiniz kimi, 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq müstəqil dövlətimizin Heydər Əliyevin müəllifi olduğu Konstitusiyası ümumxalq səsverməsi yolu ilə qəbul edildi. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin  və digər beynəlxalq  aktların əsas müddəalarını özündə əks etdirən Konstitusiyada insan və vətəndaş hüquqlarının, azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olundu. Çoxəsrlik dövlətçilik ənənələrimizə, milli və ümumbəşəri dəyərlərə söykənərək yaradılan Konstitusiyamız hüquqi-demokratik dövlət və vətəndaş cəmiyyəti quruculuğunun təməlini qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə islahatların hüquqi bazasının yaradılması, insan hüquq və azadlıqlarının qorunması sahəsində mühüm sənədlər qəbul edilmiş, respublikamız müxtəlif beynəlxalq konvensiya və sazişlərə qoşulmuş, qanunvericilik, icra və məhkəmə hakimiyyətlərinin qarşılıqlı fəaliyyətinin təmin edilməsi məqsədi ilə xeyli tədbirlər həyata keçirilmişdir.
Bu tədbirlər sırasında Heydər Əliyevin 1996-cı il 21 fevral tarixli sərəncamı ilə yaradılmış Hüquq İslahatları Komissiyasını xüsusi qeyd etmək lazımdır. Bu komissiya xalqımızın dövlətçilik tarixində yaratdığı ənənələri qorumaqla inkişaf etmiş dövlətlərin hüquq islahatları ilə bağlı təcrübəsindən də bəhrələnmişdir.
Ulu öndərimizin 1998-ci il 22 fevral tarixli “İnsan və vətəndaş hüquqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı da hüquq islahatları baxımından mühüm əhəmiyyət kəsb edən tarixi sənədlərdəndir. Bu Fərmanda ölkəmizdə insan hüquq və azadlıqlarının cəmiyyətimizdə əsas meyar olduğu xüsusilə vurğulanmış, icra strukturlarının vəzifələri müəyyən edilmişdir.
Müstəqil Azərbaycan Respublikasının ilk Konstitusiyası 1995-ci ildə ümumxalq  səsverməsi, referendumu ilə qəbul olunduqdan bir müddət sonra  2002-ci ildə Azərbaycanın həmin dövrdəki inkişaf səviyyəsinə və perspektivlərinə uyğun olaraq keçirilmiş referendumda bir sıra mühüm məsələlər öz həllini tapmış, o cümlədən seçki prosesi ilə bağlı proporsional seçki sistemi majoritar seçki sistemi ilə əvəz edilmişdir.
İqtisadi inkişaf üçün hüquqi bazanın və islahatların əhəmiyyəti ondan ibarətdir ki, hüquqi baza və normativ əsaslara söykənərək fəaliyyət göstərən dövlət institutları əlverişli biznes mühitinin yaranmasını və tərəflər üçün bərabər imkanları təmin edir. Belə ki, xüsusi mülkiyyət hüquqlarının qorunmasını, uzunmüddətli müqavilələrin hazırlanmasını  təmin və bağlanmasını təşviq edən qanunvericilik sistemi investisiyaların həcminin artması və iqtisadi inkişaf üçün mühüm şərtlərdir.
Hüquqi islahatlar və onların davamlılığı sosial-iqtisadi rifahı təmin edir. Digər ölkələrin də təcrübəsindən görürük ki, məhz demokratik sistemin inkişafını və hüququn aliliyinin möhkəm təmin etmiş dövlətlər daha sürətli və uğurlu iqtisadi inkişafa nail olmuşlar. Eyni zamanda, iqtisadi göstəricilərin və inkişafın zəif olduğu ölkələr daha kövrək hüquq sisteminin və siyasi sabitliyin olduğu ölkələrdir. Yəni iqtisadi inkişafı hüquqi islahatlarla paralel həyata keçirən, bir-birini tamamlayan yanaşma ortaya qoyulduqda həmin dövlətlərdə iqtisadi inkişaf və vətəndaş rifahı dayanıqlı olur.
Dövlətin inkişafı və vətəndaşların rifahı ilkin olaraq sosial-iqtisadi siyasətlə və göstəricilərlə əlaqələndirilir. Lakin bu proses paralel həyata keçirilən dərin, hərtərəfli hüquqi islahatlarsız səmərəli olmur. Möhtərəm İlham Əliyevin prezident seçildiyi 2003-cü ildən ötən dövr ərzində ölkəmizin iqtisadi sahədə olan uğurları birmənalıdır və statistik rəqəmlərlə, eləcə də beynəlxalq qiymətləndirmələrlə təsdiqlənmişdir. Həyata keçirilən sosial proqramlar, yoxsulluq səviyyəsinin azaldılması, infra-struktur layihələri, təhsil və səhiyyə islahatları vətəndaşların rifahını əhəmiyyətli dərəcədə yaxşılaşdırmışdır.
Bu inkişafı və artımı şərtləndirən, onun üçün zəmin yaradan və davamlılığını təmin edən hüquqi islahatlar da daim cənab İlham Əliyevin islahatlar konsepsiyasının ayrılmaz hissəsi olmuşdur. 2003-cü ildən başlayaraq Azərbaycanda iqtisadi inkişafı gücləndirən və onun davamlılığını təmin edən kompleks məhkəmə, inzibati-idarəçilik və kadr islahatları həyata keçirildi. Müstəqil Azərbaycanın ilk Konstitusiyasında müəyyən edilmiş əsaslarla qurulan məhkəmə sisteminin İlham Əliyevin prezidentliyi dövründə təkmilləşdirilməsi davam etdirildi.
Azərbaycanda iqtisadi inkişaf bazar iqtisadiyyatının prinsiplərinə əsaslanır. Ancaq dövlət sosial rifahı nəzərə almayan, əhalinin bir qrupunun daha çox varlandığı, digər bir qisminin isə yoxsullaşdığı iqtisadi mühiti qəbul etmir. Təbii ki, dövlətin sərbəst iqtisadi mühitdə iqtisadiyyatın əsas sahələrini öz əlində saxlaması mümkün deyil və üstəlik, hüquq sistemi də buna imkan tanımır. Ancaq dövlət iqtisadi siyasətində sosial rifahı nəzərə alır və bunu hüquq normaları vasitəsilə edə bilir. İqtisadi fəaliyyət subyektlərinin mənafeyi ilə əhalinin sosial rifahı bir-biri ilə ziddiyyət təşkil etməsə də, aradakı balansı tam qorumaq o qədər də asan deyil. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2009-cu ildə keçirilən referendumla Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi konstitusion səviyyədə dövlətin ali məqsədi kimi tanındı.
2016-cı il sentyabrın 26-da keçirilmiş digər referendumla da Konstitusiyamıza insan hüquq və azadlıqları, xüsusilə seçki və ədalətli mühakimə hüquqlarının genişləndirilməsi, sosial, iqtisadi təhlükəsizliyin gücləndirilməsi ilə bağlı əlavə və dəyişikliklər edilmiş oldu. Beləliklə, dövlət başçımızın təşəbbüsü ilə keçirilən hər iki referendum xalq tərəfindən müsbət qarşılandı və nəticədə, insan hüquq və azadlıqlarına daha ali səviyyədə təminat verən, şəffaf cəmiyyət və dövlət aparatının ən qabaqcıl beynəlxalq standartlarda qurulmasını asanlaşdıran Konstitusiya və hüquq sistemi formalaşdırılmış oldu.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ordu quruculuğu ilə bağlı həyata keçirdiyi tədbirlər bu gün onun siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən inamla, uğurla davam etdirilir. Hərbi sahədə əsaslı islahatlar aparılması ilə yanaşı, ordumuz yeni silah və texnika ilə təchiz edilir. Yeni inkişaf mərhələsinə qədəm qoyan Silahlı Qüvvələrimiz regionun ən güclü ordusu və xalqımızın güvənc yeridir.
Bu gün Azərbaycan cənab İlham Əliyevin rəhbərliyi ilə dünyanın ən sürətlə inkişaf edən, yeniləşən, müasirləşən, demokratikləşən dövlətinə çevrilmişdir. Qazanılan uğurlar Azərbaycanın beynəlxalq aləmdə mövqeyini də əhəmiyyətli dərəcədə gücləndirir. Prezident İlham Əliyevin həyata keçirdiyi qətiyyətli siyasətin parlaq nəticələrindən biri ondan ibarətdir ki, Qərb ölkələri, bir sıra siyasi dairələr, onların maraqlarına xidmət edən təşkilatlar və antimilli ünsürlər tərəfindən aparılan qara piara, ölkəmizə qarayaxma cəhdlərinə baxmayaraq, Azərbaycan, sözün əsl mənasında, tam müstəqil siyasət yürüdən ölkə olduğunu nümayiş etdirir.
Hörmətli deputatlar, Azərbaycanda bu ilin 11 aprel tarixində keçirilən və demokratiyanın təntənəsi kimi dəyərləndirilən prezident seçkiləri bir daha sübut etdi ki, xalqımız məhz tərəqqiyə və inkişafa, əldə edilən uğurların davamına səs vermişdir. Vətəndaşlarımızın mütləq əksəriyyətinin növbəti dəfə səs verdikləri 15 illik uğurlarımızın müəllifi cənab İlham Əliyev bu gün dövlətimiz qarşısında taleyüklü məsələləri xalqımızın dəstəyi ilə həll etməkdə və ulu öndər Heydər Əliyevin müstəqil dövlətçilik irsini öz quruculuq fəaliyyəti ilə daha da zənginləşdirməkdədir. Məhz bu fəaliyyətin nəticəsidir ki, keyfiyyət baxımından  yeni mərhələyə daxil olmuş dövlətimiz beynəlxalq etirafa nail olmuş güclü dövlət  statusu qazanmışdır. Belə dövlətin  vətəndaşı olmaq isə şərəf və fəxarətdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Buyursun Aydın Mirzəzadə.
A.Mirzəzadə. 1962-ci ildə Rusiyanın  Rostov vilayətinin Novoçerkassk şəhərinin müəssisələrinin fəhlələri küçəyə çıxaraq onlara gündəlik ayrılan çörək normasının bir qədər artırılmasını tələb edir və həmin tələb SSRİ rəhbərliyinə çatdırılır. Nikita Xruşşov problemin qəti şəkildə həll edilməsini tələb edir. Qəti şəkildə həll edilməsi isə ondan ibarət olur ki, nümayişçilərə qarşı qoşun hissələri yeridilir. Nümayişçilərdən 26 nəfər güllələnir, 87 nəfər yaralanır. Nümayişçilərin rəhbərləri tutulur, onların üzərində məhkəmə qurulur, 7 nəfər güllələnir, 100-dən çox   insan isə uzun müddət həbsə məhkum edilir.
Həmin hadisədən 1 il keçdikdən sonra – 1963-cü ildə Azərbaycanın Sumqayıt şəhərində 1 may nümayişində nümayişçilər Siyasi Büro üzvlərinin şəkillərini yandırır və Sumqayıt şəhəri üçün ayrılan çörək normasının bir qədər artırılmasını tələb edirlər. Hadisələr 1 il bundan əvvəl baş verən Novoçerkassk hadisəsinin təkrarı idi. Düzdür, Sumqayıt nümayişçiləri 1 il ondan əvvəl Novoçerkasskda nə baş verdiyindən  tamamilə xəbərsiz idilər. O zaman sosial şəbəkə yox idi və bu cür xəbərlər gizli saxlanılırdı.
Hadisə yerinə operativ surətdə Dövlət Təhlükəsizlik Komitəsinin idarə rəisi polkovnik Heydər Əliyev göndərilir. Heydər Əliyev həmin hadisəni araşdırır, Mərkəzi Komitə və SSRİ rəhbərliyi qarşısında hadisə təşkilatçılarının cinayət cəzasından azad edilməsi və Sumqayıt üçün çörək normasının artırılması tələbini qoyur. Heydər Əliyevin arqumentləri və gördüyü fəaliyyət nəticəsində onun qoyduğu iki şərt yerinə yetirilir və gördüyümüz kimi, Sumqayıt hadisələri Sumqayıt üçün, Azərbaycan xalqı üçün itkisiz başa çatır.
Gözümüzün qarşısında iki hadisədir. Birində keçmiş SSRİ-nin əsas xalqının çörək tələbinə SSRİ rəhbərliyinin cavabını, ikincisində isə SSRİ-də əhalinin cəmisi 2–3 faizini təşkil edən bir xalqın dəyərli bir oğlunun öz xalqını qorumaq üçün atdığı addımları görürük. Cəmiyyət, Azərbaycan xalqı tamamilə yeni bir düşüncə və fəaliyyət ilə insanları təəccübləndirəcək bir şəxsin meydana gəlməsinin şahidi idi.
Heydər Əliyev  bu hadisənin üstündən 6 il keçdikdən sonra Azərbaycan SSR-in rəhbəri, 20 il keçdikdən sonra SSRİ-nin rəhbərlərindən biri və 30 il keçdikdən sonra müstəqil Azərbaycanın rəhbəri oldu. Bütöv bu dövr ərzində 1963-cü ildə onun göstərdiyi şücaətin müxtəlif formalarda təkrarını həm Azərbaycan, həm də SSRİ dəfələrlə  şahidi oldu.
Heydər Əliyev ümumilikdə xalqın inamını özünə qaytardı. Azərbaycan xalqının hər bir nəfərini torpağımızın, tariximizin, müstəqilliyimizin sahibinə və cavabdehinə çevirə bildi.
Heydər Əliyev istənilən hadisənin ilk növbədə cəmiyyətin maraqlarına uyğun həll edilməsinin modelini ortaya qoydu. Heydər Əliyev göstərdi ki, azsaylı bir xalqın nümayəndəsi dünyanın diqqət yetirdiyi tarixi şəxslərdən birinə çevrilə bilir.
Heydər Əliyev çox güclü lider idi. Heydər Əliyev çox güclü praktik idi. Amma o öz fəaliyyəti ilə həm də güclü nəzəriyyəçi olduğunu göstərdi. Güclü nəzəriyyəçi  heç də güclü praktik deyil. Amma Heydər Əliyev tarixin nadir şəxslərindən idi ki, həm güclü nəzəriyyəçi, həm də güclü praktik ola bildi.
Heydər Əliyev Azərbaycan nümunəsində təbii sərvətlərə malik olan bir ölkənin bu sərvətlərin sahibi olmasının mümkünlüyünü göstərdi. Heydər Əliyev müdrik dövlət rəhbərinin xalqın rifahı naminə atdığı addımların onilliklər keçdikdən sonra belə cəmiyyətə yaxşı təsir edəcəyinin nümunəsini göstərdi.
Heydər Əliyev ilk növbədə hər kəsə Azərbaycanı sevməyin yolunu öyrətdi, Azərbaycanın çox problemlərini həll etdi. Heydər Əliyev Azərbaycanın gedəcəyi strateji yolu göstərdi və onu bu yolla apara biləcək bir komanda formalaşdırdı.
Bu gün Prezidentimiz cənab İlham Əliyevin Heydər Əliyev siyasətini uğurla davam etdirməsi, yeni Azərbaycan  quruculuğunda atdığı addımlar Heydər Əliyev dühasının zamanında dünyaya gəldiyini və onun həmişə qələbə çalacaq bir düha olduğunu göstərir.  Allah rəhmət eləsin.

Azərbaycan Respublikası  Milli Məclisi Sədrinin
birinci müavini Z.Əsgərov sədrlik edir

Sədrlik edən. Sağ olun. Şahin İsmayılov.
Ş.İsmayılov. Hörmətli Ziyafət müəllim, əziz həmkarlar, məndən öncə çıxış edən natiqlər Heydər Əliyevin gənclər siyasətinə də toxundular. Mən isə öz çıxışımı mənə daha yaxın olan bu mövzu ətrafında qurmaq istərdim.
1994-cü ildə o vaxtkı Dövlət Bədən Tərbiyəsi və İdman Komitəsi Heydər Əliyevin müvafiq fərmanı ilə Gənclər, İdman və Turizm Nazirliyi oldu. Bundan qabaq isə 1994-cü ilin 22 sentyabr tarixində məhz bu zalda Heydər Əliyev o vaxt bir qrup Azərbaycan gənci ilə görüşdü və gələcəkdə Azərbaycanın idarə olunmasında gənclərin iştirakının vacibliyini vurğuladı.
Bundan sonrakı dövrlərdə də Heydər Əliyev gənclər siyasətinə çox ciddi şəkildə fikir verirdi. Bayaq burada qeyd olunduğu kimi, hələ onun hakimiyyətinin birinci dövründə Azərbaycan gəncləri SSRİ-nin ayrı-ayrı  təhsil müəssisələrində təhsil almağa göndərilirdilər.
1996-cı ildə müstəqil Azərbaycan gənclərinin birinci forumu keçirildi və bu forumdan bir il sonra, yəni 1997-ci ildə Azərbaycanda gənclər günü təsis olundu. Məlumat üçün qeyd edim ki, Şərqi Avropada və MDB məkanında ilk dəfə gənclər günü məhz Azərbaycanda qeyd edilmiş və yalnız bundan sonra, 1999-cu ildə BMT-nin qərarı ilə 12 avqust dünyada gənclər günü elan olunmuşdur.
Ümumiyyətlə, 1999-cu ildə Heydər Əliyev tərəfindən imzalanan “Dövlət gənclər siyasəti haqqında” Fərmanın qəbulu, 1996-cı, 1999-cu və 2003-cü illərdə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan gənclərinin forumlarının keçirilməsi, bura xaricdə yaşayan həmvətənlərimizin də dəvət olunması, bu forumlarda ulu öndərin dərin məzmunlu nitqləri gəncliyin həyatında mühüm siyasi dönüş yaratdı.
Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti aşağıdakı beş mühüm istiqaməti ehtiva edir:
1. Milli-mənəvi dəyərlərimizin qorunmasında gənclərin rolunu artırmaq. Gənc nəslin tarixi köklərimizə bağlı olaraq vətənpərvərlik ruhunda tərbiyələndirilməsini təmin etmək.
2. Gənclərin elmi-intellektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatları həyata keçirmək.
3. Gənclərin təşkilatlanmasını təmin etməklə onları müstəqilliyimizin keşiyində vahid qüvvə kimi birləşməyə səfərbər etmək.
4. Gənclərin dövlət idarəçiliyində rolunu və məsuliyyət hissini əhəmiyyətli dərəcədə artırmaq.
5. Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Sevindirici hal ondan ibarətdir ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu gənclər siyasəti bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. “Azərbaycan gəncliyi Dövlət Proqramı (2005–2009-cu illər)”, “Azərbaycan gəncliyi 2011–2015-ci illərdə” Dövlət Proqramı və bu yaxınlarda qəbul olunmuş “Azərbaycan gəncliyi 2017–2021-ci illərdə” Dövlət Proqramı bunu əyani surətdə əks etdirir.
Bu gün Azərbaycanda gənclər siyasəti artıq beynəlxalq səviyyədə gənclər siyasətinin uğurlu bir modeli kimi qəbul olunmuşdur. Azərbaycan gəncliyi ölkə Prezidenti cənab İlham Əliyevin ətrafında sıx birləşərək hər zaman ulu öndər Heydər Əliyevin əziz xatirəsini qəlbində yaşadır. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan Respublikası  Milli Məclisinin Sədri
O.Əsədov sədrlik edir

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən təklif edirəm, saat 2-ə kimi işləyək. Milli Məclisin hazırladığı 5 dəqiqəlik bir film var, 2-də ona baxaq. Etiraz yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Buyursun Azay Quliyev.
A.Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Heydər Əliyevi dahi şəxsiyyət, böyük dövlət adamı və ulu öndər zirvəsinə ucaldan nədir sualına cavab verməli olsaydım, onun xalqımız və dövlətimiz qarşısında əvəzolunmaz xidmətlərini, tarixi xilaskarlıq missiyasını və mükəmməl siyasi portretinin əsas cizgilərini ümumiləşdirərək qısa şəkildə aşağıdakıları qeyd edərdim:
1. Heydər Əliyev yenicə müstəqilliyini bərpa edən Azərbaycanı bir tərəfdən Ermənistanın işğalı, digər tərəfdən etnik separatizm və vətəndaş müharibəsi nəticəsində məhv olmaq, dağılmaq və yenidən müstəqilliyini itirmək təhlükəsindən qurtardı. Cümhuriyyət qurucularının 100 il bundan öncə elan etdikləri müstəqil Azərbaycana sahib çıxdı. Onların yarımçıq qalan müstəqil dövlət qurmaq arzularını gerçəyə çevirdi. Dövlətimizin istiqlalını əbədi və dönməz etdi.
2. Heydər Əliyev müasir Azərbaycanın banisi kimi ölkəmizin dünyada layiqli yerini tutması üçün mükəmməl dövlət quruculuğu konsepsiyasını işləyib hazırladı və onu reallaşdırmağı bacardı.
3. Heydər Əliyev iqtisadi və siyasi baxımdan çökmüş bir ölkənin milli inkişaf strategiyasının təməl prinsiplərini müəyyənləşdirdi, bütün təhdid və təhlükələrə rəğmən, həyati əhəmiyyətli neft müqavilələri imzaladı, köklü iqtisadi, sosial və hüquqi islahatlar həyata keçirdi. Vahid komandana tabe olan güclü və nizami ordu qurdu.
4. Heydər Əliyev Azərbaycan dövlətinin milli ideyasını konkret ideoloji konseptlə – azərbaycançılıqla ifadə etdi. Azərbaycançılıq ideologiyasına müasir dövlət quruculuğunun tələblərinə uyğun yeni məzmun verdi və onu bütün dünya azərbaycanlılarının birliyinin və həmrəyliyinin əsas bazasına çevirə bildi.
5. Heydər Əliyev regionda və dünyada qüvvələr nisbətini dəqiq müəyyən edərək Azərbaycanı ilk növbədə qonşuları, sonra isə dünya gücləri ilə münasibətlərdə balanslı və milli maraqları özündə əks etdirən müstəqil xarici siyasət kursunun əsasını qoydu və onu uğurla tətbiq etdi.
6. Heydər Əliyev Azərbaycanın yeni Konstitusiyasını qəbul etməklə sivil, demokratik, çoxpartiyalı dövlət idarəetmə sisteminin formalaşdırılmasını və ölkədə vətəndaş cəmiyyətinin təşəkkül tapmasını, ən vacibi isə möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyi təmin etdi. Silahlı müxalifətin mövcudluğu və güc yolu ilə hakimiyyəti zəbt etmə praktikasını birdəfəlik aradan qaldırdı və bununla da Azərbaycanı Əfqanıstanın və Suriyanın uzun müddət yaşadığı faciəvi siyasi taleyini yaşama təhlükəsindən xilas etdi.
7. Heydər Əliyev başladığı böyük dövlət quruculuğu və xilaskarlıq missiyasını cənab İlham Əliyev kimi qətiyyətli, bacarıqlı, müdrik və Azərbaycanın müstəqil dövlətçilik ideallarına sadiq bir şəxsiyyətə, dövlət adamına etibar etməklə ölkəmizin güclənməsinin və inkişafının, xalqımızın firavanlığının və rifahının, cəmiyyətimizin təhlükəsizliyinin və sabitliyinin, ərazi bütövlüyümüzün bərpası uğrunda aparılan milli davanın və mücadilənin uğurlu davamına tam zəmanət verdi.
Yüksək mənəvi keyfiyyətə, peşəkar idarəetmə bacarığına və fitri istedada malik ümummilli liderimiz Heydər Əliyevin bütün həyat və fəaliyyəti hər bir soydaşımız üçün vətənpərvərlik, əzmkarlıq, mübarizə və qalibiyyət nümunəsidir. Heydər Əliyevin işıqlı və əziz xatirəsi Azərbaycan xalqı tərəfindən daim uca tutulacaq, onun idelayarı və siyası məfkurəsi əbədiyyən yaşayacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İsa Həbibbəyli.
İ.Həbibbəyli. Görkəmli dövlət xadimi Heydər Əliyev çoxəsrlik Azərbaycan dövlətçilik ənənələri əsasında meydana çıxmış, XXI əsrdə Azərbaycan dövlətçiliyinin əfsanəsinə çevrilmişdir. Onun siyasi hakimiyyətdə olduğu dövrdə fəaliyyəti milli dövlətçilik üçün, xalqın arxiv tarixi üçün sözün əsl mənasında nağılları, əfsanələri gerçəkləşdirməyə bərabər bir qəhrəmanlıq nümunəsidir.
Heydər Əliyev sovet hakimiyyəti illərində Azərbaycan sovet respublikasını 15 respublika arasında qısa müddətdə axırda ikinci yerdən əvvəldə ikinci yerə, bir çox göstəricilərə görə, hətta birinci yerə qaldırmaq vəzifəsini həyata keçirtdi.
Heydər Əliyev Azərbaycan xalqını Siyasi Büroda təmsil etməklə ölkəsini dünyada o zamanın ən yüksək zirvələrindən biri kimi qəbul olunan Siyasi Büro səviyyəsinə qaldırdı. O zaman böyük ədibimiz Nəbi Xəzri yazmışdı: “Elə ucaldıq ki, ucaldıq ki, biz, Siyasi Bürodan gəldi səsimiz”.
Bununla bərabər, Kommunist Partiyasının çox güclü olduğu bir şəraitdə Heydər Əliyev milli-mənəvi dəyərlərimizi inkişaf etdirdi. Azərbaycan dilini Konstitusiyada dövlət dili səviyyəsində təsbit etdi və əslində Azərbaycanı milli istiqlala hazırladı.
Azərbaycanda 1980-ci illərin axırları 1990-cı illərin əvvəllərində böyük xaos hökm sürdüyü, böyük ədəbiyyatın “Allahım, sən bizə ağsaqqal göndər” deyə xitab etdiyi bir zamanda Azərbaycanın siyasi rəhbərliyi ulu öndəri Bakıda qəbul etməsə də, o öz siyasi fəaliyyətini doğma torpaqda – Naxçıvan Muxtar Respublikasında davam etdirdi və hələ sovet hakimiyyəti dağılmamışdan 11 ay qabaq üç rəngli bayrağı Naxçıvan parlamentində ucaltmaqla Azərbaycanın dövlət müstəqilliyinin qaçılmaz olduğunu bəyan etmiş oldu.
Xalqın tələbi ilə hakimiyyətə gələrkən böyük ədibimiz yenə də var səsi ilə “sən qalib gələcəksən” – deyə çıxış etdi. Heydər Əliyev gəldi, sözün əsl mənasında Azərbaycan xalqı, Azərbaycanın müstəqil dövlətçiliyi, Azərbaycan dövləti qalib gəldi. Bu qalibiyyətin başında qalib rəhbər olduğunu da bütün dünyaya isbat etdi. O böyük xilaskar azərbaycançılığı Azərbaycan tarixində ilk dəfə dövlət ideologiyası səviyyəsinə yüksəltdi.
Əsrin müqaviləsi də bu xalqın tarixində əbədi yaşayacaq tarixi xidmətlərdən biridir. Azərbaycanı qısa vaxtda müstəqil, ayaqda duran, inkişaf edən bir dövlətə çevirdi. Ona görə də Amerikanın prezidenti Bill Klinton o zaman etiraf edirdi ki, Heydər Əliyev nəinki Azərbaycanı və Amerikanı, dünyanı idarə edə bilər. Rusiya prezidenti Vladimir Putin isə deyirdi ki, böyük siyasətdə və dövlət idarəetməsində mənim ən böyük müəllimim Heydər Əliyevdir. Heydər Əliyev, əslində, Azərbaycanın müstəqil dövlətçiliyinin əbədi müəllimidir.
Heydər Əliyevin dövlətçilik kursu Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətinin rəhbəri vəzifəsinə siyasi varisi İlham Əliyevin namizədliyini təqdim etməklə, əslində, Azərbaycanın daha möhtəşəm uğurlarının əsasını qoydu, daha böyük nailiyyətlərinə start verdi.
Bu gün Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan bütün dünyada sayılan, seçilən, söz sahibi olan bir müstəqil dövlət şöhrəti qazanmışdır. Heydər Əliyev haqqında yazılmış “Nə qədər Azərbaycan, nə qədər bu millət var, xalq Heydər söyləyəcək, xalqım Heydər deyəcək” sözləri İlham Əliyevin qüdrəti ilə, siyasəti ilə əbədiyyətə çatmaq inamı və etibarı qazanmışdır.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N.Cəfərov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycanın tarixində Nizami Gəncəvidən, Füzulidən, Vaqifdən, Hüseyn Caviddən, Mirzə Cəlildən, Səməd Vurğundan bəri böyük şəxsiyyətlər çox olub və çox mütərəqqi ideyalar, ideallar irəli sürülüb. Amma ən böyük tarixi şəxsiyyət həm də odur ki,  bu idealları həyata keçirsin. Yaxşı ideallar dünyada həmişə olur, amma bu idealları çox böyük şəxsiyyətlər həyata keçirirlər. Bu baxımdan, əlbəttə, Heydər Əliyev yalnız böyük ideallar yaradan şəxsiyyət deyil, həm də bu idealları həyata keçirən bir siyasətçidir.
Burada danışıldı və cənab Sədrin məruzəsində də bunlar qeyd olundu. Tam, bütöv bir sistem var ki, o sistem müstəqil Azərbaycan dövlətçiliyini yaratmaqdan ötrü məhz Heydər Əliyevin iradəsi ilə həyata keçirilib. Bu sistemin ən mühüm tərkib hissələrindən biri, əlbəttə,  mədəniyyət siyasətidir. Heydər Əliyevin mədəniyyət siyasəti Azərbaycanı mənən, ruhən yüksəldən bir siyasət oldu və bu gün də davam edir. Heydər Əliyev bu xalqın ruhundan doğulmuş bir şəxsiyyət idi və bu xalqı tarixi ilə, bu günü və gələcəyi ilə bütövlükdə təmsil edir.
Nə idi bu mədəniyyət siyasətinin dönməz prinsipləri? Fikrimizcə, onlar, əsasən, üç sahədə təhlil oluna bilər ki, bunlardan birincisi klassik irsə münasibətdir. Ümummilli liderimiz çox yaxşı bilirdi ki, hər bir xalqın, o sıradan da Azərbaycan xalqının tarixində elə dövrlər olub ki, yaddaşsızlıq əmələ gəlib. Yəni xalq, məsələn, öz yaratdığı tarixi irsi, özünün dövlətçilik tarixini, öz ruhunu təmin edən, onu təqdir və təsdiq edən məqamları unudub. Belə hallar Azərbaycan xalqının tarixində də olub. Ona görə də o, klassik irsi bütün miqyası ilə xalqa yaşatdı.
Məsələn, Dədə Qorqud eposunu 1950-ci  illərdə məhz Azərbaycan sovet dövlətçiliyi qadağan etmişdi. Heydər Əliyev Dədə Qorqud eposunun 1300 illiyini keçirərkən bu prosesin bir neçə il davam etdirilməsinə nail oldu. Çünki Dədə Qorqudun tarixi Azərbaycan xalqının tarixidir. Həmin 3–4 il ərzində Dədə Qorqud haqqında çap olunan kitablar, ümumiyyətlə, o vaxta qədər çap olunan kitablardan çox idi. Bununla xalq öz eposunu, öz tarixinə bərabər olan eposu mənimsədi.
İkinci bir prinsip ümummilli liderin yaradıcı şəxsiyyətə xüsusi hörməti idi. Bu prinsip dövlət siyasəti səviyyəsinə qaldırıldı. Düzdür, mədəniyyəti xalq yaradır. Amma bununla yanaşı, xalqın böyük şəxsiyyətləri ön plandadır. Yəni bir Üzeyir Hacıbəyov varsa, Azərbaycanın musiqisi var, bir Səməd Vurğun varsa, Azərbaycanın poeziyası var. Ona görə də ümummilli liderimiz bu prinsipi həyata keçirdi və yaradıcı şəxsiyyətə xüsusi önəm verdi.
Nəhayət, müasir iqtisadi şəraitdə Azərbaycan mədəniyyətinin yaşama prinsipləri işlənib hazırlandı. Çünki Azərbaycan mədəniyyəti, ədəbiyyatı, incəsənəti, eyni zamanda, özünü törətməyi bacarmalıdır. Onun elə bir enerjisi olmalıdır ki, həm də maddi sərvətə çevrilsin. Bu da bu gün bir prinsip olaraq həyata keçirilir.
Heydər Əliyev Azərbaycan dilini dünyanın ən mötəbər məclislərində səsləndirdi. Bunu Azərbaycan xalqı əsrlər boyu görməmişdi. Azərbaycan dili BMT-nin tribunasından səslənir. Azərbaycan dili bu gün dünyanın daha çox inkişaf etmiş 30–31 dili arasında 21–22-ci yerdədir.
Bunların hamısı çox böyük hadisələrdir və bu mənada Heydər Əliyev, həqiqətən, ümummili liderimiz, bizim həm tarixi sərvətimiz, həm də gələcəyimizdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Məhəməliyev.
N.Məhəməliyev. Hörmətli həmkarlar, bu günlərdə dünyanın bir çox ölkələrində ümummilli lider, müasir Azərbaycan dövlətinin banisi, qurucusu Heydər Əliyevin yubileyi çox yüksək səviyyədə qeyd olunur. 50 milyonluq Azərbaycan xalqı və Azərbaycandan çıxmış bir çox insanlar ulu öndərin ruhu qarşısında baş əyir, ona öz mənəvi borclarını ödəyirlər. Təbii ki, bu insanlar üçün Heydər Əliyev çox böyük miqyaslı şəxsiyyətdir və onlardan hər biri istəyir ki, ondan öyrənsin, onun həyatı və fəaliyyəti ilə daha yaxından tanış olsun.
Çox xoş haldır ki, Heydər Əliyevin Azərbaycan siyasəti – dövlət quruculuğu, iqtisadiyyat, sosial sahə, ordu quruculuğu, təhsil, səhiyyə və bütün digər məsələlərlə bağlı artıq bütöv bir məktəb  formalaşıb və müasir Azərbaycan tarixini öyrənən hər bir gənc bu məktəbdən bəhrələnir. Təbii ki, bu tarix yaşamalıdır, yaşadılmalıdır.
Mən şəxsən şahidi olduğum, geniş ictimaiyyətə məlum  olmayan bir hadisəni sizə danışmaq istəyirəm. 2001-ci ildə Heydər Əliyevin yanında dini separatizmlə bağlı müşavirə keçirilirdi. Bu müşavirədə aidiyyəti mərkəzi icra hakimiyyəti rəhbərlərinin məruzələrindən bəlli oldu ki, xarici təşkilatlar Azərbaycanda dini missionerliklə məşğuldurlar. O dövrdə, hətta bir çox ənənəvi dinlərin fəaliyyət göstərdiyi dövlətlərdə belə qadağan olunmuş dini mənsəb və cərəyanları ölkəmizdə təbliğ edən missionerlər artıq məcburi köçkünlərin çadır şəhərciklərində də çox fəal iş aparırdılar. Təbii ki, belə bir hal qəbulolunmazdır, dövlətçiliyimiz üçün çox böyük təhlükədir.
Heydər Əliyev məhz güclü lider, dövlətin gələcəyini düzgün müəyyənləşdirən bir şəxs olduğuna görə bütün bu məruzələri dinlədikdən sonra qərara gəldi ki, ölkəmizdə humanitar fəaliyyət göstərən xarici təşkilatların belə bir təbliğat aparmasına qəti şəkildə yol verilməməli və onlar Azərbaycan ərazisindən çıxarılmalıdır. 2002-ci ildə iqtisadiyyatımız o qədər də möhkəmlənməmiş, dövlət büdcəmiz kifayət qədər kiçik, məhdud olsa da, Azərbaycan dövləti 1 milyona qədər məcburi köçkünün, qaçqının dolanışığı ilə bağlı bütün xərcləri öz üzərinə götürdü və ondan sonra cəmiyyətdə saflaşma, şəffaflıq başlandı.
Mən ulu öndərin fəaliyyəti ilə bağlı ancaq bir epizodik hadisəni danışdım. Bu hadisə, təbii ki, onun Azərbaycan dövlət quruculuğu prosesində rastlaşdığı çoxsaylı problemlərdən yalnız biridir. Bu gün inkişaf etmiş, dünyada stabillik adasına çevrilmiş Azərbaycan, şübhəsiz ki, ulu öndər Heydər Əliyevin strategiyasının məhsuludur.
Ulu öndərin dahiliyinin bir xüsusiyyəti də ondan ibarətdir ki, hətta ölümündən sonra Azərbaycanı taleyin hökmünə buraxmadı, belə bir ziddiyyətli dövrdə, dünyada çox təhlükəli proseslərin baş verdiyi bir zamanda Azərbaycanın siyasi rəhbərliyinə İlham Əliyev kimi şəxsiyyəti gətirdi. Bu gün cənab Prezident artıq öz adını qurucu İlham adı ilə Azərbaycanın tarixinə yazıb.
Sədrlik edən. Çox sağ olun. Aydın Hüseynov.
A.Hüseynov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Heydər Əliyev  dünyanın qəbul etdiyi nəhəng siyasətçi, mahir diplomat, böyük mütəfəkkir və filosofdur.
Hörmətli Sədr, Sizin məruzənizdə ulu öndərimizin fəaliyyəti ilə bağlı dolğun və geniş məlumatı dinlədik, eləcə də deputat həmkarlarımın dəyərli fikirləri səsləndirildi. Ona görə eyni fikirləri təkrar etmədən qısaca onu demək istərdim ki, Heydər Əliyev bütün mənalı ömrünü Azərbaycan xalqının inkişafına, tərəqqisinə, yüksəlişinə sərf edib. O, Azərbaycanı canı qədər sevirdi və deyirdi, Azərbaycan mənim ürəyimdir, varlığımdır, nəfəsimdir. Eləcə də hər bir azərbaycanlı, hər bir Azərbaycan vətəndaşı Heydər Əliyevə böyük ehtiram bəsləyir, onu qəlbində yaşadır, sevir.
Möhtərəm Prezidentimiz İlham Əliyev Heydər Əliyev qətiyyətini, cəsarətini, diplomatiyasını və ümumilikdə Heydər Əliyevə məxsus olan bütün keyfiyyətləri özündə ehtiva etməklə hamımız üçün Heydər Əliyevi sevməyin bir nümunəsidir.
Heydər Əliyevə, ulu öndərimizə olan mənəvi sevgi ilə yanaşı bu sevginin həm də tarixləşməsi üçün zaman-zaman onu maddiləşdirməliyik. Mən çıxışıma başlayanda dedim, Heydər Əliyev dünyanın nəhəng siyasətçisidir. Heydər Əliyev, ulu öndərimiz Azərbaycan dövlətçiliyi və ümumiyyətlə, Azərbaycan tarixində yeri olan siyasi xadimlərə, siyasətçilərə və ümumiyyətlə, dövlət adamlarına böyük dəyər vermişdir.
Heydər Əliyev böyük filosof idi. O, Nizamiyə, Nəsimiyə, Xətaiyə, Hüseyn Cavidə heykəllər qoydu. Nizaminin adını həm Gəncə, həm də Bakı şəhərlərində maddiləşdirdi. Hər iki şəhərdə onun adına rayon oldu. Bakıda Xətainin adını daşıyan böyük rayon var. Bu misalları daha çox sadalamaq olar. Mən belə hesab edirəm ki, – bayaq qeyd etdik, fikirlərdə də səsləndi, – 1969-cu ildən bu yana Azərbaycanda görülən bütün işlər, əldə olunan nailiyyətlər Heydər Əliyevin xidməti sayəsindədir və onun strategiyasının bu gün uğurla davam etdirilməsinin nəticəsidir. Azərbaycanın  elə bir bölgəsi, elə bir rayonu yoxdur ki, orada Heydər Əliyevin fəaliyyəti, əməyi olmasın. 20, 30, 40 il bundan qabaq boş çöllüklər olan yerdə sənaye müəssisələri, yaşayış məskənləri salınıb.
Sözümün canı nədir? Bunu səsləndirmək istərdim. Mən belə hesab edirəm ki, Heydər Əliyevə Azərbaycan xalqının sevgisi zaman-zaman daha da böyüyəcək, daha da artacaq. Bu sevginin bir forması da onun xatirəsinin maddiləşdirilməsidir. Ona görə də düşünürəm ki, Heydər Əliyevin canı qədər sevdiyi Azərbaycanın istənilən bir guşəsinə, istənilən bir rayonuna onun adının verilməsi, Azərbaycan coğrafiyasında Heydər Əliyevin adının göstərilməsi bu gün bizim ulu öndərə olan sevgimizin daha bir təzahür forması olar. Çox sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Məlahət İbrahimqızı.
M.İbrahimqızı. Çox sağ olun, cənab Sədr. Həqiqətən, bu gün elə bir gündür ki, böyük şəxsiyyət, böyük dövlət adamı Heydər Əliyevin müasirləri olan hər bir azərbaycanlı ona olan sevgisini, hörmətini, onunla bağlı ürək sözlərini dilə gətirmək istəyir. Ona görə mən də Sizin dolğun çıxışınızda, eləcə də həmkarlarımızın çıxışlarında ulu öndərimiz haqqında səslənən fikirlərə qoşuluram.
Heydər Əliyev haqqında danışmaq elə də asan deyil. Çünki o elə bir dahi şəxsiyyətdir ki, onun haqqında ona layiq söz demək üçün gərək kamil, mükəmməl bir səviyyəyə malik olasan. Bu gün biz ona sevgimizi, ehtiramımızı bildiririk.
Ulu öndərimiz Azərbaycan xalqının dünənini qorudu. SSRİ-də sovet xalqlarına qarşı assimilyasiya siyasəti yeridildiyi zaman ulu öndər Azərbaycan dilini qorudu. Bir millətin yaşaması üçün onun dilinin və dininin nə qədər vacib olduğunu ulu öndər yaxşı bilirdi. Ona görə milli düşüncəni, milli məkfurəni, milli təfəkkürü qorumaq üçün Azərbaycan dilini dövlət dili elan etdi.
Ulu öndərimiz  Azərbaycan xalqının dünya mədəniyyətinə verdiyi töhfələri dünya ictimaiyyətinə təqdim etmək üçün o çətin dövrdə Nizaminin, Füzulinin, Dədə Qorqudun, Niyazinin, Qara Qarayevin, Üzeyir Hacıbəyovun beynəlxalq səviyyədə yubileylərini keçirdi. Bununla da deyirdi ki, bu xalq böyük xalqdır, bəşər sivilizasiyasına bu qədər töhfələr verir.
Ulu öndər bizim Azərbaycan xalqının bu gününü qorudu. 1991–1993-cü illərdə Orta Doğuda, İraqda, Suriyada olan vəziyyətin Azərbaycanda təkrarlanmasının təməli qoyulmuşdu. Bir tərəfdən Ermənistan işğalı və digər tərəfdən vətəndaş müharibəsi içəridə olan savaş. Bu gün dünyada olan böhranların aradan qaldırılması üçün beynəlxalq münasibətlərdə müxtəlif modellər var – Linkoln modeli, Atatürk modeli, Tetçer modeli... Ulu öndərimiz özünün modelini ortaya qoydu və Azərbaycan xalqını, ölkəni bu fəlakətdən qurtardı.
Ulu öndər bizim gələcəyimizin qarantı, Heydər Əliyev siyasi məktəbinin ən kamil müdavimi olan bugünkü Prezidentimiz cənab İlham Əliyev haqqında demişdi: “Ona özüm qədər inanıram və mənim başa çatdıra bilməyəcəyim layihələri o davam etdirəcək”. Bu gün bir daha sübut olundu ki, həqiqətən, Azərbaycan xalqı Prezidentimizin İlham Əliyev olması ilə nə qədər şanslıdır. Bu mənada bu gün Azərbaycan xalqı böyük dövlət adamına ürəyinin sevgisini bildirməklə ona “müstəqiliyimizin banisi”, “müasir Azərbaycanın müəllifi”, “ümummilli lider”, “ulu öndər”, “xilaskar”, “əbədiyaşar lider” kimi şərəfli adlar verir.
Oqtay müəllim, mənim bir neçə qısa təklifim var. 27 illik müasir müstəqillik tariximiz sübut etdi ki, ölkəmizdə, həqiqətən, Heydər Əliyev dövlət idarəçiliyindən kənar idarəçilik ola bilməz və Azərbaycan xalqının gələcəyi, rifahı, əmin-amanlığı bu siyasətdədir. Ona görə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına məhz ulu öndərin adının verilməsini təklif edirəm. Xahiş edirəm ki, bu təklifimi dəstəkləyəsiniz.
Müasir Azərbaycan ulu öndərimizin şah əsəridir. Bu gün ulu öndərimizin zəngin, tükənməz irsi Heydər Əliyev mərkəzlərində keçirilən fakültativ məşğələlərdə təbliğ olunur. Azərbaycanın müxtəlif universitetlərində Qafqazşünaslıq, Azərbaycanşünaslıq kimi kafedralar var. Amma mən hesab edirəm ki, bütün universitetlərdə Heydər Əliyev  irsinin tədrisi ilə bağlı xüsusi kafedraların açılmasına çox böyük ehtiyac var.
Çıxışımın sonunda bir daha onun müqəddəs ruhu qarşısında baş əyirəm. Allah ona rəhmət eləsin, ruhu şad olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, sonda Bahar xanım çıxış eləsin, sonra  filmi seyr edək. Buyurun, Bahar xanım.
B.Muradova. Çox təşəkkür edirəm, Oqtay müəllim. Mən, eyni zamanda, Sizə həm də ona görə təşəkkür edirəm ki, Siz bu müqəddəs salonda bizim hər birimizin Heydər Əliyev haqqında düşüncələrimizi, fikirlərimizi və bu şərəfli günlə bağlı sözlərimizi demək üçün belə bir şərait yaratdınız.
15-ci ildir ulu öndər cismən bizim sıralarımızda deyil, amma bu 15 ilin elə bir günü, elə bir dəqiqəsi olmayıb ki, Heydər Əliyev xatırlanmasın, yad edilməsin, onun böyük ruhu qarşısında ehtiram və hörmət ifadə olunmasın. Bax elə burada  Heydər Əliyevin peyğəmbərcəsinə dediyi bir söz öz həqiqi təsdiqini tapır. O demişdi: “Mən Azərbaycanda daim olacağam. Nə qədər Azərbaycan var, mən də olacağam”. Heydər Əliyevin Azərbaycanda daim var olması üçün bizim hər birimiz nə qədər varıq Heydər Əliyev ideyalarına, Heydər Əliyev yoluna sadiq olmalıyıq. Onun bizim üçün qoyub getdiyi irsə yaradıcı yanaşmalı və bu irsi zamanın sınaqlarından, çətinliklərindən keçirib irəliyə aparmağı bacarmalıyıq. Necə ki, bu gün milli liderimizin siyasi varisi, ölkə Prezidenti cənab İlham Əliyev bu işi çox böyük uğurla irəliyə aparır. Bizim hər birimiz bu işdə onun yanında olmalı, ona dəstək olmalıyıq. Deməli, Heydər Əliyev ruhuna sadiq olmalı, Heydər Əliyev yenilməzliyinə xidmət etməliyik.
Mən burada səslənən fikirlərin bir çoxuna şərikəm. Çünki bu bizim hər birimizin düşündüyümüz, söyləmək istədiyimiz fikirlərdir.
Heydər Əliyev sağlığında yalnız öyülmürdü, həm də tənqid  olunurdu. Onun ünvanına bir sıra məsələlərlə bağlı müxtəlif, hətta kəskin şəkildə tənqidlər irəli sürənlər var idi. Onların arasında bu gün bizim bu salonda əyləşən həmkarlarımızdan da bir qismi var. Bu müddət ərzində mənim onlarda müşahidə etdiyim ən gözəl cəhət onların həyatındakı inkişafdır. Yəni onların əldə etdiyi nailiyyət ondan ibarətdir ki, onlar bu 15 il ərzində Heydər Əliyev şəxsiyyətinin kim olduğunu anlamağa başladılar. Bir çoxu vaxtilə Heydər Əliyevi yalnız bir opponent kimi görərək müxalifətçilik etmək naminə ona qarşı çıxırdısa, bu gün artıq heç biri buna ehtiyac görmür. Bunun özü çox böyük irəliləyişdir.
Biz bayaqdan deyirik ki, Heydər Əliyev böyük şəxsiyyətdir, Heydər Əliyev ən böyük azərbaycanlıdır. Biz Heydər Əliyevin 95 illik ömrü haqqında danışanda Azərbaycanın 95 ili haqqında danışırıq. O, böyük azərbaycanlı olduğu üçün belə xırda nöqsanları hər zaman böyük ürəklə bağışlamağı bacarırdı. Bizə də hətta çox kəskin olduğumuz hallarda düz yol göstərir, problemləri yalnız dialoqla, fikir mübadiləsi ilə, bir-birini anlamaqla həll etməyi tövsiyə edirdi.
Həmkarım Siyavuş müəllim burada bir sıra incə məqamlara toxundu. Mən onunla şərikəm. Amma eyni zamanda, söyləmək istəyirəm ki, “hər şeyin zamana ehtiyacı var” deyən bir şəxsiyyət də olub Azərbaycanda və onun sözü bir çox məsələlərdə də olduğu kimi, elə onun özünə münasibətdə də təsdiqini tapır. Zamanında Heydər Əliyevi yalnız özlərinin əleyhdarı, özlərinə qarşı dayanan güc kimi görənlər bu gün onun Azərbaycanı irəliyə aparan güc olduğunu dərk etməkdədirlər. Heydər Əliyevin böyüklüyü, uzaqgörənliyi həm də bundadır.
Mən həmin həmkarlarımıza dərin təşəkkür edir və eyni zamanda, təəssüf edirəm ki, bu gün onlardan heç biri öz fikrini söyləmək istəmədi. Nədən çəkindiniz? Sosial şəbəkələrdənmi? Hesab edirəm ki, böyük şəxsiyyət haqqında, hətta özünü təkzib etmiş olduğu halda belə ürəkdən gələn sözləri söyləmək lazımdır. Bax, bu bizim milli birliyimizə, vətəndaş birliyinə çox böyük töhfə verə bilən bir iş olardı.
Əlbəttə, Heydər Əliyevin əsas gücü onun səfərbəredici gücü idi. Bu səfərbəredici güc də bütün mənalarda, bütün məqamlarda xalqa, onun gücünə, inamına söykənir, ona istinad edirdi. Ona görə Heydər Əliyev güclü idi.
Burada ədalətdən və xəyanətdən də danışıldı. Siyavuş müəllim, mən vurğulamaq istəyirəm ki, yalnız böyük şəxsiyyətlər ədalətli ola bilirlər. Kimlər xəyanət edə bilərdi? Vaxtilə Heydər Əliyevin etimad göstərdiyi insanlar öz vəzifələrini icra edə bilməyəndə bəzən biz bunu xəyanət adlandırırdıq. Düzdür, o vaxt, həqiqətən, xəyanət yoluna qədəm qoyanlar da olmuşdu. Amma mən bunu tam mənasında xəyanət də adlandırmazdım. Çünki o şəxsləri Heydər Əliyev vəzifəyə təyin edəndə onların iş, peşə keyfiyyətlərini nəzərə alırdı. Amma zaman bir çox hallarda göstərdi ki, bu insanların mənəvi keyfiyyətləri iş keyfiyyətlərindən xeyli aşağı imiş. Ona görə də biz onları xəyanət yolunu tutan insanlar kimi görürük. Amma yenə də Heydər Əliyevin böyük ruhu bütün bunların qarşısında çox böyük görünür.
Heydər Əliyevin miqyasını başa düşməyən, anlamayan adamlar, hesab edirəm ki, bədbəxt adamlardır. Mən bütün bu deyilənlərin və özümün də fikrimin yekunu kimi onu demək istəyirəm ki, nə qədər Azərbaycan var Heydər Əliyev şəxsiyyəti onu sevənlərin qəlbində yaşayacaq, onun ruhuna həmişə hörmət olunacaq, xatirəsinə hər zaman ehtiram göstəriləcək. Bir sözlə, onun xalqa, millətə, dövlətə fayda gətirən, bizim milli kimliyimizi, dövlətimizi, dövlətçiliyimizi qoruyan ideyalarından doğan şəfəqlər onu sevənlərin qəlbinə, həyat yoluna işıq saçacaq, həyatımızın, tariximizin, ictimai-siyasi reallıqlarımızın Heydər Əliyev miqyasında bir həqiqətini qəbul etməyən bədxahların isə gözünü qamaşdıracaq. Ruhu şad olsun. 
Sədrlik edən. Sağ olun, Bahar xanım. İndi xahiş edirəm, filmi seyr edək.

Azərbaycan xalqının ümummilli lideri eydər Əliyevin həyat və fəaliyyəti haqqında ənədli film nümayiş etdirilir

Çox sağ olun, bu filmlə iclasımız sona çatdı. Hamınıza təşəkkür edirəm.

 

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi