2006-ci il 3 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNIN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  8

Milli  Məclisin  iclas salonu.
3  mart  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 104 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
R. Rəhimov, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Aparatının rəhbəri.

* * *

Ç. Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
R. Kişiyev, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hüquq idarəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə.
2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
3. “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında.
4. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
6. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında.
7. Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə.
8. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə.
9. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
10. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə.
11. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında.
12. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə.
13. “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə.
 14. Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

 1. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu (birinci səsvermədə).
2. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
11. “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                    O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

3  mart  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 88
Yetərsay 83

Kim səsvermədə iştirak eləmədi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, bir də qeydiyyatdan keçin.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 100
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli millət vəkilləri, biz keçən iclasda gündəliyi təsdiq eləmişdik. İndi gündəlikdə qalan məsələlərin müzakirəsini davam etdiririk.
Gündəlikdə duran növbəti məsələ “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə qanun layihəsidir. Bildiyiniz kimi, Konstitusiyanın 156-cı maddəsinin ikinci hissəsinə görə, Konstitusiya qanunları iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra keçirilir.
Nəzərinizə çatdırım ki, bugünkü iclasda Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Elmira xanım və onun aparatının rəhbəri iştirak edirlər. Qanun layihəsi haqqında məruzə etmək üçün Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, 28 dekabr 2001-ci il tarixdə Milli Məclisdə “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu qəbul edilmişdir. Bu qanunun qəbulundan bir qədər sonra bu təsisat yaradılmış və artıq neçə illərdir ki, uğurlu fəaliyyət göstərir.
2003-cü ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının maliyyə dəstəyi ilə Qubada, Şəkidə və Cəlilabadda müvəkkilin 3 regional mərkəzi yaradılmışdır. Regional mərkəzlər, əsasən, əhalinin müvəkkilə müraciət etmək üçün böyük məsafə qət etməsi, nəqliyyat və poçt xidmətləri xərclərinin aradan qaldırılması, habelə yerlərdə araşdırmaları daha tez aparmaq, araşdırma ilə bağlı bəzi tədbirləri təxirə salmadan yerinə yetirmək, yerlərdə əhalinin mütəmadi olaraq hüquqi maarifləndirilməsini həyata keçirmək məqsədilə təsis edilmişdir. Bu fikirlərdən göründüyü kimi, müvəkkilin regional mərkəzləri vacib bir xoş niyyətə xidmət edir.
Fəaliyyət müddəti ərzində Müvəkkilin regional mərkəzləri tərəfindən bir çox şikayətçilər qəbul edilmiş, eyni zamanda, müvafiq regionun ayrı-ayrı rayonlarında əhali arasında müntəzəm olaraq hüquqi maarifləndirmə işi aparılmışdır. Yerli dövlət orqanları, bələdiyyələr, əhalinin geniş təbəqələri və kütləvi informasiya vasitələrinin iştirakı ilə çoxlu sayda seminarlar, dəyirmi masalar və digər tədbirlər keçirilmişdir. Ümumi rəyə görə, bu tədbirlər insan hüquqlarının təmin edilməsində yardımçı olmuş və mərkəzin fəaliyyəti müsbət qiymətləndirilmişdir. Bir çox nüfuzlu təşkilatların ekspertləri də bu mərkəzlərin fəaliyyətini müsbət qiymətləndirirlər.
Beləliklə, təsis olunduğu dövrdən indiyə qədər iki il ərzində Müvəkkilin regional mərkəzləri Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının vəsaiti hesabına maliyyələşirdi. Lakin 2006-cı ildə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı həmin mərkəzlərin maliyyələşdirilməsini dayandırdığını bildirmiş və onların davamlı fəaliyyət göstərməsi üçün dövlət büdcəsindən maliyyələşdirilməsini tövsiyə etmişdir. Bununla əlaqədar olaraq Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı rezident əlaqələndiricisi cənab Marko Barsotti Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət etmişdir. Bu müraciət və Müvəkkilin regional mərkəzlərinin yaradılması zərurəti nəzərə alınaraq cənab Prezident tərəfindən bu Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə qanun layihəsi parlamentə təqdim edilmişdir.
Layihəyə əsasən Konstitusiya Qanununun 17-ci maddəsində yerlərdə Müvəkkilin regional mərkəzlərinin yaradılması ilə bağlı məsələlər öz həllini tapmış olur. Bu, 4 əlavədən və bir dəyişiklikdən ibarət olan kiçik qanun layihəsidir. Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim edilmiş bu əlavələr və dəyişiklik qəbul olunarsa, onda mərkəzin fəaliyyətinin hüquqi əsasları və eyni zamanda, bu mərkəzlərin fəaliyyətinin dövlət büdcəsindən maliyyələşdirilməsi məsələsi Konstitusiya Qanununda həllini tapmış olardı. Məlumat üçün bildirmək istəyirəm ki, müvəkkilin Gəncə, Şəki, Qubadlı və Cəlilabaddakı regional mərkəzlərinin hər birinin fəaliyyəti üçün ayda cəmi 800, ildə isə 4 regional mərkəzin saxlanılmasına 38 min yeni manatla vəsait tələb olunur. Hesab edirəm ki, dövlətin ali məqsədi olan insan hüquqlarının müdafiəsinin səmərəli həyata keçirilməsi baxımından bu vəsait elə də böyük deyil.
Cənab Sədrin qeyd etdiyi kimi, İnsan hüquqları üzrə müvəkkil Elmira xanım da parlamentə dəvət olunub. Bu mərkəzlərin fəaliyyəti ilə bağlı əlavə suallar olarsa, Elmira xanım da münasibət bildirə bilər. Mən təkrar olaraq bildirmək istəyirəm ki, Konstitusiya Qanununa edilən əlavə və dəyişiklik olduğuna görə 95 səs çoxluğu tələb olunur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Layihə Milli Məclisin İnsan hüquqları daimi komissiyasında da müzakirə olunub. Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün, doğrudan da, vacib bir dəyişikliklə rastlaşırıq. Məsələ burasındadır ki, biz “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununu qəbul edərkən gələcəkdə belə bir düzəlişin olacağını ehtimal etmirdik. Fikirləşirdik ki, bu qanun özündə bütün vacib məqamları ehtiva edir. Ancaq görünür, həyat öz sözünü deyir və bu gün ayrı-ayrı regionlarda insan hüquq və azadlıqlarının qorunması üçün belə mərkəzlərin yaranmasına böyük ehtiyac vardır.
Bir cəhəti də qeyd etmək istərdim ki, bu təsisat yaranarkən biz onun gələcək fəaliyyətinə böyük ümidlər bəsləyirdik və bu da özünü doğrultdu. Açığı, insan haqları üzrə ombudsman institutunun yaranması həmin dövrdə çox mürəkkəb bir məqam idi, çünki Azərbaycan vətəndaşına hətta “ombudsman” sözünün özü bir balaca qeyri-adi gəlirdi. Biz bu sözün üzərində çox çalışırdıq. Amma nə gözəl ki, keçən vaxt ərzində bu təsisat özünü təsdiq etdi. Azərbaycanda Elmira Süleymanovanın fəaliyyəti görünür. İnsanların hüquq və azadlıqlarının qorunması sahəsində onun apardığı iş təqdirəlayiqdir. Ayrı-ayrı regionlardan insanların Bakıya gəlməməsi üçün məhz həmin yerdə o problemlərin həll olunması vacibdir.
Mən bu qanun qəbul olunanda bir söz demişdim. Demişdim ki, nə gözəl olar, bu institut özü bir quruma çevrilməsin, çünki qonşu dövlətlərdə bu institutun fəaliyyəti çox uğurlu, səmərəli olmamışdı. Gürcüstanda və Rusiyada uzun illər lazım olmuşdu ki, bu təsisat özünü təsdiq etsin. Adətən, demokratik cəmiyyətlərdə bu və ya digər təsisatın özünü təsdiq etməsi üçün müəyyən vaxt lazımdır. Ancaq görünür, qanunun mükəmməlliyinin və bu təsisatın rəhbərliyinin uğurlu seçiminin nəticəsidir ki, bu gün həmin təsisat özünü doğrultdu. Azərbaycan reallığında İnsan hüquqları üzrə müvəkkil kifayət qədər güclü, insan haqlarının müdafiəsinə qalxa bilən bir təsisatdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hesab edirəm ki, ayrı-ayrı regionlarda bu təsisatın bölmələrinin yaradılması çox vacibdir. Bu, ali bir məqsədə, insanların hüquq və azadlıqlarının qorunmasına və meydana çıxan hər hansı bir çətinliklərin, hüquq pozuntularının dərhal aradan qalxmasına xidmət edəcəkdir.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Çıxışa yazılanlar var. Fazil Mustafayevə söz verilir.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün, həqiqətən də, ombudsman təsisatının fəaliyyətinin ictimai müzakirəsinə ciddi ehtiyac var. Mən həmkarlarımdan fərqli olaraq ombudsman təsisatının insan haqlarının müdafiəsi sahəsində Azərbaycan cəmiyyətinə nümunə ola biləcək fəaliyyətini qeyd etməkdə çətinlik çəkirəm. İki-üç il öncə ombudsman təsisatı yaradılanda düşünürdüm ki, artıq Azərbaycanda insan haqlarının müdafiəsi sahəsində çalışan qeyri-hökumət təşkilatlarının fəaliyyəti xeyli zəifləyəcək və bu funksiyanı ombudsman öz üzərinə götürəcəkdir. Amma çox təəssüf ki, hələ də Azərbaycan cəmiyyətində ombudsman vəzifəsinin çəkisi hiss olunmamaqdadır. Bu təsisatın cəmiyyət və dövlət üçün nə qədər vacib olduğu məsələsi heç kim tərəfindən ciddi qəbul olunmur. Ona görə də bəzən giley edirik ki, qeyri-hökumət təşkilatları dövlətin, ölkənin maraqlarına zidd hərəkət eləyirlər. Mənə elə gəlir ki, bunun səbəbini ombudsmanın fəaliyyətinin zəifliyində axtarmaq lazımdır.
Bu gün də yeni bir təklif gəlir ki, regional mərkəzlər yaransın. Ümumiyyətlə, biz apellyasiya ilə, bir çox iqtisadi strukturlarla bağlı regional mərkəzlər yaradırıq. Son vaxtlar Azərbaycanda belə bir ənənə hakimdir ki, neft gəlirlərindən büdcəmiz kifayət qədər vəsaitlə təmin olunacaq və biz əhalinin rifahını yaxşılaşdırmaq, başqa ictimai institutları inkişaf etdirmək üçün bundan istifadə edəcəyik. Amma bu o demək deyil ki, biz hələ büdcənin səmərəsi sübuta yetirilməmiş onu bütün sahələrə sərf etməliyik.
Bizdə “region” sözü inzibati ərazi bölgüsü, rayon bölgüsü kimi nəzərdə tutulur. Bu, hüquqi bir termindir. Yəni bu, hüquqi terminologiya deyil, sırf siyasi-iqtisadi terminologiya kimi ifadə olunur. Mənə elə gəlir, bu kimi təkliflər gələndə konkretlik göstərilməlidir ki, bunun artırılma məsələsində bir dəqiqlik olsun. Mənə elə gəlir, indidən bu cür ənənənin əsasını qoymamaq üçün daha yaxşı olar ki, bunu təmsilçilik fəaliyyəti üzərində quraq. Çünki bu gün faktiki mərkəzdə olan Müvəkkil aparatının fəaliyyəti insan haqlarının qorunması sahəsində yetərli deyil. Ombudsman institutu, sadəcə, bir poçtalyon institutundan fərqli bir şey deyil.
Hesabatlarda da dəfələrlə bildirilib ki, 2000 məktub daxil olub və 2000 şikayət də müvafiq orqanlara göndərilib. Nə olsun? İnsan hüquqları üzrə müvəkkilin işi məktubu hansısa orqana çatdırmaq deyil ki? Ümumiyyətlə, o bu işlərlə fundamental şəkildə məşğul olmalıdır.
Mən bir nümunə gətirmək istəyirəm. İsveçdə ombudsman hər hansı bir məmurun adını öz hesabatına salırsa, artıq bu həmin məmur üçün həm ictimai qınaq, həm də vəzifəsini itirmək təhlükəsi yaradır. Biz bu təsisatı Azərbaycanda o səviyyəyə qaldırmalıyıq ki, ombudsmanın hər hansı bir hesabatında korrupsiyaya bulaşmış, fəaliyyətində cinayət əməllərinə yol vermiş hər hansı bir məmurun adı səslənərsə, artıq onun o vəzifədə qalması mümkün olmasın. Ombudsman müxtəlif neqativ əməllərdə adı hallanan məmurların haqqında inzibati ölçülərin götürülməsi üçün məhkəməyə müraciət edilməsi barədə tədbirlər görməlidir. Azərbaycanda təsəvvür odur ki, sanki bu, dövlətin hansısa bir şöbəsidir. Şöbə olaraq da, sadəcə, hansısa bir situasiya ortaya çıxanda, həbsxanada hansısa bir hadisə baş verəndə ora baş çəkməklə hər şey bitmiş hesab olunur. İnsanların həyəcanını azaltmaq üçün məktubla müraciət edirlər və bununla da təsəlli verilir. Ona görə də istəyirəm ki, regional mərkəz yerinə hələlik təmsilçiliklər yaransın. Aparat böyüyüb-şişməsin və bu, Müvəkkil aparatının nəzdində olsun. Əgər o özünü doğruldarsa, regionlarda insanların bu aparata inamı artarsa, ondan sonra bunu genişləndirmək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Biz axırda komissiya sədrlərinə və Elmira xanıma söz verərik, onlar suallara cavab verərlər. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanunvericilik təşəbbüsü qaydasında cənab Prezident tərəfindən müzakirəmizə təqdim edilən qanun layihəsi İnsan hüquqları üzrə müvəkkilin regional mərkəzlərinin yaradılmasını nəzərdə tutur. Layihənin məzmunundan da göründüyü kimi, bu, çox təqdirəlayiq bir təklifdir. Bildiyiniz kimi, müvəkkilin fəaliyyəti insan hüquqlarının müdafiəsinə və pozulmuş insan haqq və azadlıqlarının bərpasına yönəlib. Müvəkkil Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin, eyni zamanda, hüquqi şəxslərin pozulmuş insan hüquqları ilə əlaqədar şikayətlərinə baxır. Bəzən bu şikayətlər operativ müdaxiləni və qaldırılan məsələnin təxirə salınmadan həll edilməsini tələb edir. Ombudsman və onun aparatı Bakı şəhərində yerləşdiyindən, ətraf rayonlardan və ucqar zonalardan daxil olan şikayətlərin operativ təhlili və həlli bəzən mümkün olmur.
Digər tərəfdən, şikayətçinin Bakıya gəlib-getməsi müəyyən vaxt sərfinə səbəb olur və maddi imkanlar baxımından da çətinliklər yarada bilir. Məhz bu baxımdan hesab edirəm ki, İnsan hüquqları üzrə müvəkkilin regional mərkəzlərinin yaradılması təklifi nəzərdə tutulan problemlərin aradan qaldırılmasına yönəlmiş əhəmiyyətli bir addım olacaqdır. Ümidvaram ki, bununla ombudsmanın fəaliyyəti daha da səmərəli olacaqdır. Mən şəxsən bu layihənin lehinə səs verəcəyəm və bütün deputat həmkarlarımı da qanun layihəsinin lehinə səs verməyə dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, Oqtay müəllim. Konstitusiya Qanununu bəyənirəm və buna səs verəcəyəm. İlk növbədə, bir məsələyə münasibətimi bildirmək istəyirəm. Çox təəssüf ki, burada bizim hörmətli ombudsmanımızın poçtalyon funksiyasını yerinə yetirdiyi barədə ittiham səsləndi və ombudsmanın hesabatına düşən hər bir şəxsin dərhal, qeyd-şərtsiz vəzifədən azad edilməsi tələbi irəli sürüldü. Bunların heç biri ilə razılaşa bilmirəm. Azərbaycanda ombudsman təsisatı özünü doğruldub, əhaliyə və cəmiyyətə yaxın nüfuzlu bir struktur kimi özünü göstərə bilib. Burada həm qanunun mükəmməlliyi, həm də hörmətli Elmira xanımın özünün şəxsiyyəti böyük bir rol oynayıb. Elmira xanım bu gün cəmiyyətdə tanınan, öz mövqeyi olan müstəqil bir şəxsdir. Dəfələrlə onun mövqeyi rəsmi strukturlardan fərqlənib və harada narahat bir məsələ hiss eləyibsə, öz münasibətini bildirib. Buna görə də mən bu struktur haqqında belə fikir söylənilməsini qəbul edə bilmirəm.
Həm də qəbul edə bilmirəm ki, onun hesabatına düşən hər hansı bir şəxs vəzifədən azad edilməlidir. Bu bizim Konstitusiyamıza ziddir. Konstitusiyamıza görə hakimiyyətin 3 qolu var. Bu hakimiyyətin qolları üzərində hər hansı bir üstün hakimiyyət qolu yaradıla bilməz ki, onun qərarı o birilər üçün mütləq qəbul edilməlidir. O başqa məsələdir ki, ictimai rəy nəzərə alına bilər.
Regional mərkəzlərin yaradılmasını mən düzgün hesab edirəm, vaxtındadır. Ombudsman təsisatı ümumilikdə respublikada özünü doğruldandan sonra regionlarda da bunun filiallarını yaratmaq olar. Amma mənim bir neçə sualım var. Mən çox istərdim ki, bizim Konstitusiya Qanunumuzda regional mərkəzlər barədə bir anlayış olsun. Məlum deyil ki, bu regional mərkəzlər nə ilə məşğul olacaqlar? Bunlar, sadəcə olaraq, ərizələri yığıb mərkəzi aparata ötürəcəklər, yoxsa hər hansı bir tapşırığı yerinə yetirəcəklər? Onların vəzifəsi nədən ibarət olacaq, mənim üçün tam aydın deyil. Bunun aydınlaşdırılmasını istərdim.
İkincisi, son dövrlərdə ayrı-ayrı idarələrə test yolu ilə kadrlar işə götürüldüyü kimi, regional mərkəzlərə də işə həmin regionlarda yaşayan kifayət qədər səviyyəsi və bacarığı olan gənc hüquqşünaslar, politoloqlar, sosioloqlar test yolu ilə götürülsünlər.
Üçüncüsü, regional mərkəzlərin yaradılması ilə bağlı burada bir fikir səsləndi, mən onu qəbul edirəm. Son dövrlərdə regional mərkəzlərin yaradılmasına diqqət artırılıb. Bu çox düzgündür. Ümumiyyətlə, mərkəzin regionlarda paylanması mərkəzəqaçmanın qarşısını almaqdan ötrü atılan çox səmərəli addımlardan biridir. Amma mən bütün regional mərkəzlərin daim eyni şəhərdə yaradılması prinsipini qəbul eləyə bilmirəm.
Hörmətli Əli Hüseynov qeyd etdi ki, hansı şəhərlərdə regional mərkəzlər yaradılacaqdır. Niyə Mingəçevirdə regional mərkəz yaranmasın və mən niyə seçildiyim şəhərdə bu barədə seçicilərimə fəxrlə hesabat verməyim? Bizdə bir tendensiya var, mini-paytaxtlar yaratmaq istəyirik. Olmazmı ki, bu regional mərkəzlər eyni şəhərdə deyil, ayrı-ayrı şəhərlərdə olsunlar? Qoy biri Şamaxıda, o biri Qaxda, digəri də Masallıda olsun. Hər bir şəhərdə regional mərkəzin yaradılması həmin şəhərə müasirlik gətirər, həmin şəhərin inkişafına səbəb olar. Heç nə yox, heç olmasa, 10 nəfər ora işə girər. Bunun da nəzərdən keçirilməsini istərdim.
Digər təklif etdiyim məsələ ondan ibarətdir ki, çox yaxşı olardı, ayrı-ayrı istiqamətlər üzrə də ombudsmanlar fəaliyyət göstərsinlər. Məsələn, uşaq hüquqları üzrə ombudsmanımızın olmasına böyük ehtiyac var. Bu, ayrıca bir ombudsman olmazdı, ombudsmanın müavini də sayıla bilərdi və onun aparatında bu sahə ilə məşğul olan xüsusi bir insan olardı. Ancaq cəmiyyət bilərdi ki, uşaq hüquqları, məhkum olunanların hüquqları və qadın hüquqları üzrə ayrı-ayrı ixtisaslaşmış ombudsman xidmətləri mövcuddur. Təklif olunan variantı mümkün hesab edirəm və eyni zamanda, komissiyaya təklif edirəm ki, dediyim məsələləri də nəzərdən keçirək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ombudsman təsisatı Azərbaycanda, demək olar ki, gənc bir təsisatdır. İki ildən bir az artıqdır ki, fəaliyyət göstərir. Keçən müddət ərzində ombudsman islah-əmək koloniyalarında mütəmadi görüşlər keçirmiş, bir sıra regionlarda olmuş, insanların ərizə və şikayətlərinə müsbət yanaşmışdır.
Bu gün bura təqdim olunan layihə ombudsman institutunun büdcədən maliyyələşdirilməsi ilə əlaqədardır. Əli müəllim qeyd elədi, orta hesabla büdcədən 30-40 min yeni manatla vəsait tələb olunur. Bu o qədər də böyük maliyyə vəsaiti deyil. Mən hesab edirəm ki, regional mərkəzlərin fəaliyyət göstərməsi təqdirəlayiqdir. Mən bunu müsbət hal kimi qiymətləndirirəm. Amma burada bəzi həmkarlarım qeyd elədilər, ombudsman institutu hüquq mühafizə orqanı deyil ki, bütün məsələləri hüquq mühafizə sistemində olduğu kimi həll eləsin. Onlar müəyyən məsələləri həll eləmək iqtidarında olmayanda hüquq mühafizə orqanları ilə bir yerdə işləməlidirlər.
Bir məsələni də qeyd eləmək istəyirəm. Bura işə qəbulla bağlı həmkarım qeyd elədi, mütləq test üsulundan istifadə eləmək lazımdır. Çünki test üsulu ilə işə qəbul olunmuş müvəkkillər daha yaxşı işləyəcəklər. Mən təqdim olunmuş layihəni məqbul hesab edirəm və həmkarlarımı ona səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vahid müəllim. Bir şeyi nəzərinizə çatdırım ki, yaxınlarda Milli Məclisdə İnsan hüquqları üzrə müvəkkilin hesabatı dinləniləcək, ombudsmana olan suallarınızı orada verə bilərsiniz. Bu gün qanun layihəsini müzakirə edirik, ona görə xahiş edirəm, qanun ətrafında danışaq. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm. Hərçənd Siz dediniz ki, hesabatla bağlı sual vermək olmaz, amma çox güman, Elmira xanım çıxış eləyəcək, ona görə istəyirəm, fikrimi bildirim. Ombudsman təsisatı Qərb ölkələrinə xasdır və o yarananda biz sevindik ki, insan haqları ilə bağlı dəyişikliklər olacaqdır. Hətta mən düşünürdüm ki, insan haqları ilə məşğul olan təşkilatların fəaliyyəti kölgədə qalacaq. Fazil bəy söylədi və mən də o fikirdəyəm ki, Azərbaycanda ombudsman və ombudsman aparatının fəaliyyəti görünmür, hətta o, hüquq mühafizə orqanlarının bir əlavəsi təsəvvürü yaradır. Məncə, bu təqdim olunan qanun layihəsi qəbul olunarsa, yəni regional mərkəzlər yaranarsa, bu, mövcud durumu dəyişdirməyəcəkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Cənab Sədr, Siz çox düzgün qeyd elədiniz, biz hər il yaz sessiyası başlayanda ilin yekunu ilə əlaqədar həm hökumətin, həm də ombudsmanın hesabatını dinləyirik. Keçən il də burada ombudsmanın hesabatı dinlənildi və Milli Məclis tərəfindən qənaətbəxş qiymətləndirildi. Yəqin ki, bu il də bu məsələ müzakirə olunacaq və deputatlar öz fikirlərini bildirəcəklər.
Mən bir məsələyə toxunmaq istəyirəm. Avropa ölkələri ombudsmanlarının Strasburqda keçirilən toplantılarında verilən qiymətə görə bizim ombudsman dördüncü yeri tutdu. Bu onu göstərir ki, yeni yaradılmasına baxmayaraq, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin bu səviyyəyə gəlib çıxması, Avropa Şurasına daxil olan ölkələr arasında belə bir yer tutması onun gördüyü işlə əlaqədardır.
Təşkilatın fəaliyyəti ilə bağlı bir neçə məqama da toxunmaq istəyirəm. Təbii ki, Azərbaycanda hüquq-müdafiə təşkilatları var və bu təşkilatların böyük əksəriyyəti Azərbaycan haqqında, ölkəmizdəki insanlar haqqında qeyri-obyektiv məlumatlar və hətta donos yazmaqla məşğuldur. Hamıya məlumdur ki, hətta Avropa Şurasına göndərilən siyasi məhbusların siyahısında hansı məqamları güdürlər. Mən hesab edirəm, bunu fəaliyyət kimi qiymətləndirmək olmaz. Yaxud da, varlı bir adamın tutulması ilə əlaqədar hüquq-müdafiə təşkilatları bir-biri ilə qırğına çıxırlar, guya onun hüququnu müdafiə edəcəklər. Amma indiyə qədər şahidi olmadıq ki, adi Azərbaycan vətəndaşının - müəllimin, həkimin, sürücünün hüququ ilə bağlı bunlar mübarizə aparsınlar, yaxud da, desinlər ki, onun hüququnu mən müdafiə edəcəyəm. O, qiymət deyil, Azərbaycan haqqında yalan informasiyaların verilməsidir, Azərbaycan dövlətinin üzərinə hər hansı bir böhtanın atılmasıdır. Bunlar Azərbaycanda daim qorunan insan hüquqlarının qorunmaması haqqında verilən mənfi bəyanatlardan başqa bir şey deyil.
Regional mərkəzlərin yaradılması vətəndaşlarımızın ombudsmana müraciət prosesinin sadələşdirilməsi, onların rahatlığının təmin olunmasıdır. Mən bir misal gətirə bilərəm. Biz qış sessiyasında Naxçıvan Muxtar Respublikasında ombudsman institutunun təsisi ilə bağlı qərar qəbul elədik və artıq Naxçıvan Muxtar Respublikasının Ali Məclisi öz sessiyasında ombudsmanı təyin edib. Bilirsiniz ki, Naxçıvana gediş-gəliş məsələsi çox çətindir. Hava şəraiti pis olanda həftələrlə təyyarə uça bilmir. O insanların xərc çəkib Bakıya gəlməsi nə qədər çətinliklər yaradır. İndi onların hüquqlarının orada qorunması əhalinin rahatlığına şərait yaradır. Ona görə də bunun regionlarda yaradılması tamamilə düzgündür.
Bir məsələyə də fikrimi bildirmək istəyirəm. “Region” sözündən artıq Azərbaycanda istifadə olunur və bu bölgülər rəsmi olmasa da, qeyri-rəsmi aparılıbdır. Bu sistem əsasında uzun illərlə işlər gedibdir. Ona görə də bunu hər hansı rayona aparmaq və ya yerini dəyişmək məqsədəuyğun hesab olunmaz. Çünki ombudsmanın işlədiyi strukturların böyük əksəriyyəti həmin regionda yerləşir. Onun başqa bir yerə köçürülməsi insanlarda narahatlıq yarada bilər, onların gediş-gəlişini çətinləşdirər. Ona görə də belə bir sual ortaya çıxır ki, bu müəyyənləşmə prosesində, əsasən, hansı meyar götürülür? Əhalinin sayımı, şikayətlərin miqyasımı və ya orada yaşayanların qeyri-siyasi fəallığı? Hər hansı bir meyar olmalıdır ki, onun əsasında regionda belə mərkəz təsis olunsun.
Hörmətli Aydın müəllim qeyd elədi, elə yerlər var ki, oradan heç ombudsmana müraciət daxil olmayıb. Bunların həm ərazilərin inkişafı, həm də orada yerləşən mərkəzi idarələrin baxımından müəyyən olunması daha məqsədəuyğun olacaq. Bu qanunu qəbul eləməliyik, çünki o bizim vətəndaşlarımıza, seçicilərimizə xidmət eləyən bir sənəddir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Demokratik cəmiyyət quruculuğunun, Avropaya inteqrasiyanın ən vacib atributlarından biri də məhz ombudsman təsisatının yaradılmasıdır. Buna görə də ötən çağırışda parlament belə bir qanun qəbul etdi və bu qurum fəaliyyətə başladı. Mən bu fəaliyyətin çoxsahəli, çoxşaxəli olduğunu xüsusi qeyd eləmək istəyirəm və əlbəttə, bunun həm də respublikanın bütün bölgələrini əhatə etdiyinin şahidiyəm.
Mən bilavasitə özümüzün əməkdaşlığı ilə bağlı istiqaməti qeyd eləmək istəyirəm. Ombudsman bizim komissiya ilə sıx əlaqədə işləyir və rayonlardan gələn müraciətlərin, fikirlərin əsasında bizim hüquqi bazanın formalaşmasında xüsusi rol oynayır. Biz bu qurumla əməkdaşlıq edirik. Ən uzağı, iki ayda bir dəfə biz birgə iclas keçiririk və cəmiyyətdə olan problemlərə hüquqi baxımdan, qanun yaradıcılığı baxımından diqqəti cəlb edirik. Mən hesab edirəm ki, ombudsman təsisatı qısa müddətdə böyük fəallıq göstərib və bayaq qeyd olunan kimi, həm dünya miqyasında, həm də ölkədə özünün yerini sübut eləyə bilib.
Başqa bir məsələyə diqqət yönəltmək istəyirəm. Hamının yadındadır, 1960-cı illərdə respublikada regional idarəetmə sistemi mövcud idi. Bu o dövrdə Kommunist Partiyasının rəhbərlikdən uzaqlaşdırılması və idarəetmənin bilavasitə istehsalat idarələrinə verilməsi ilə özünü göstərmişdi. Bu da o vaxtlar üçün öz müsbət təsirini göstərdi. Çox sevindirici haldır ki, möhtərəm Prezidentimiz cənab İlham Əliyev də regional idarəetməyə üstünlük verdi və ilk dəfə olaraq Azərbaycanda Regionların sosial-iqtisadi inkişafı proqramı müəyyənləşdi. Məhz bu proqramda regionlar konkretləşdi və onların mərkəzləri göstərildi. Bu gün məhz bu mərkəzlərin Prezidentimizin Regionların sosial-iqtisadi inkişafı proqramında müəyyənləşdirdiyi region mərkəzlərində yaradılması çox önəmli olardı. Misal üçün, bu gün vergi ilə bağlı belə qurumlar yaranıb. Həmin qurumlar o regionların mərkəzində yerləşir və bu da idarəetmənin təkmilləşməsinə xüsusi xidmət edir.
Mən bir başqa məsələyə də diqqəti cəlb etmək istəyirəm. Hüquqi dövlət quruculuğunun ən vacib atributlarından biri hakimiyyətin qollarından biri olan məhkəmə institutunun yerlərdə geniş vüsət almasıdır. Biz bu yaxınlarda yerlərdə apellyasiya məhkəmələrinin və digər məhkəmələrin yaradılması ilə bağlı da qərar verdik. Bu da bizə əsas verir ki, ombudsman institutunun yerlərdə mərkəzləri yaransın. Bu baxımdan da biz həmin məhkəmə ilə ombudsman institutunun paralel yaranmasına da diqqət yetirə bilərik.
Burada səslənən bəzi fikirləri dəstəkləyirəm. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı ombudsmanın yaradılması təklifi var. İstəyirəm biləsiniz ki, istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı da belə bir institut yaratmaq istəyirlər. Digər sahələr üzrə də yaratmaq olar. Hesab edirəm, bunların hamısını ombudsman institutunun özündə yaratmaq lazımdır. Biz bunu dəstəkləməliyik. Amma maliyyələşdirməni artırmaqla 4 yox , dediyimiz 10 regionda bu qurumları yaratmaq olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün Milli Məclisin müzakirəsinə təqdim olunan qanun layihəsi, hesab edirəm ki, ölkəmiz üçün, vətəndaş cəmiyyəti quruculuğu üçün, xüsusilə regionlarda vətəndaşlarımızın hüquqlarının yüksək səviyyədə müdafiəsi üçün çox önəmli, çox əhəmiyyətlidir. Burada bu istiqamətdə söylənilən fikirləri mən də dəstəkləyirəm və hesab edirəm ki, ombudsman institutunun fəaliyyəti, həqiqətən də, bu gün ictimaiyyət tərəfindən təqdir olunur.
Yəqin, xatırlayırsınız, bu təsisat yaranan zaman müxtəlif fikirlər var idi və deyilirdi ki, görəsən, bu, ümumiyyətlə, ictimai rəydə özünə necə yer tapacaq, insanlar bu instituta necə münasibət bəsləyəcəklər? Mən məmnuniyyətlə deməliyəm ki, bu institutun bütövlükdə ictimai rəydə yer almasında vətəndaş cəmiyyəti institutlarının və qeyri-hökumət təşkilatlarının da böyük rolu olmuşdur. Mən də həmin sektorun təmsilçisi kimi bu institutun fəaliyyətinə yaxından bələdəm və hesab edirəm ki, qısa müddət ərzində xeyli işlər görülübdür.
Bu gün ombudsman insan hüquqlarının müdafiəsi sahəsində həm respublika səviyyəsində, həm də beynəlxalq səviyyədə özünə məxsus işlər həyata keçiribdir. Təsadüfi deyil ki, indiyə qədər məhz ombudsman aparatının təklifi ilə Azərbaycanda bir çox beynəlxalq simpoziumlar və tədbirlər keçirilibdir. İnsan hüquqları üzrə müvəkkil Azərbaycanın beynəlxalq arenaya inteqrasiyasında, Azərbaycanda söz və fikir azadlığının, bütövlükdə insan hüquqlarının qorunmasında çox böyük əhəmiyyətə malikdir.
Regional mərkəzlərin yaradılmasına gəldikdə isə, hesab edirəm ki, bu, bir neçə səbəbdən vacibdir. Ən azı ona görə ki, bu gün Azərbaycanın regionları inkişaf edir. Bütün inkişaf Azərbaycanın paytaxtından regionlara transfer olunmaqdadır. Burada haqlı olaraq qeyd olundu ki, biz bir neçə müddət bundan əvvəl regionlarda apellyasiya məhkəmələrinin yaradılması ilə bağlı qanun qəbul etdik. Məntiqi olaraq bu gün regionlarda ombudsman institutunun da mərkəzləri yaradılmalıdır. İkinci, bu gün regionlardakı vətəndaşlarımızın hüquqlarının qorunması üçün belə bir şəraitin yaradılmasına ehtiyac var. İnsanlarımızın hüquqlarının qorunmasında, müxtəlif qurumlar arasında koordinasiyanın həyata keçirilməsində də bu mərkəzlərin böyük təsiri ola bilər. Buna görə də bu proses regionlarda həyata keçirilməlidir.
Burada bölgü ilə bağlı fikir söylənildi. Mən də hesab edirəm ki, biz bu bölgüdə respublikanın bütün spesifik xüsusiyyətlərini nəzərə almalıyıq. Burada təklif olundu ki, 10 ənənəvi region var, bu variant mümkündür. Və ya deyildi ki, daha çox kommunikasiya imkanlarına malik olan regionlar seçilə bilər. İstənilən halda mən də o fikirlə razıyam ki, 4 region azdır, bunların sayını artırmaq lazımdır. Bu da çox ciddi bir maliyyə vəsaiti tələb etmir.
Burada bir fikir də səsləndi ki, ombudsman institutu yaradılan zaman bəzi hüquq-müdafiə təşkilatlarının fəaliyyətinin kölgədə qalacağını gözləyirdik. Mən hesab etmirəm ki, ombudsman institutu kiminsə fəaliyyətini kölgədə qoymaq üçün yaradılmışdır. Ombudsman bir dövlət təsisatıdır, Konstitusiyada təsbit olunmuşdur. Ona görə də bu təsisatın xüsusi funksiyası və səlahiyyətləri var. Əksinə, mən elə hesab edirəm ki, ombudsman təsisatı indiyə qədər olduğu kimi, bu gündən sonra da hüquq-müdafiə təşkilatları ilə bilavasitə işini qurmalıdır və bu məsələdə koordinasiya olmalıdır. Ümumiyyətlə, bu elə bir təsisatdır ki, bura vətəndaş cəmiyyətinin geniş hissəsi cəlb olunmalıdır. Mən bütövlükdə bu prosesin bir növ şahidi kimi hesab edirəm ki, biz bu qanun layihəsinə səs verməliyik və ombudsman təsisatının regional mərkəzlərini yaratmalıyıq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əkrəm Abdullayev.
Ə. Abdullayev. Çox sağ olun. Cənab Sədr, hörmətli mil lət vəkilləri! Bu gün çox ciddi bir qanun layihəsi müzakirə olunur. Məndən öncə çıxış eləyən deputat həmkarlarımın bəzi təkliflərinə qoşuluram. Bu gün sivil cəmiyyət quruculu ğu prosesində ombudsman təsisatının çox böyük əhəmiyyəti və yeri vardır. Bu qurumların regionlarda yaradılması çox böyük önəm daşıyır. Bilirsiniz ki, bizim yerlərdə müəyyən problemlərimiz var və insanlar bunları istənilən vaxt mərkəzə çatdırmaq üçün əziyyət çəkirlər. Onların buna imkanları da olmur. Belə qurumların regionlarda yaradılması, sözsüz ki, vacibdir və o qədər də böyük vəsait tələb etmir.
Bu gün ombudsman aparatı çox böyük işlər görür, insanlarımızın hüquq və azadlıqlarının qorunması sahəsində çox böyük səylər göstərir. Regional mərkəzlər daha çox yerlərdə insanlarımızın maarifləndirilməsi, öz hüquqlarını bilməsi istiqamətində fəaliyyət göstərməlidirlər. Cəmiyyətimiz, ölkəmiz inkişaf etdikcə vətəndaşlarımızın bilik səviyyələri də inkişaf etməlidir.
Bu gün ombudsman aparatında uşaqlar və gənclərlə bağlı çox böyük işlər aparılır. Bilirsiniz ki, bizim 1 milyona yaxın qaçqınımız var, onların hüquqlarının qorunmasında da bu aparat çox ciddi səy göstərir. Ombudsmanın bu istiqamətdə fəaliyyətinə, sözsüz ki, qeyri-hökumət və dövlət təşkilatları, parlament dəstək olmalıdır. Mən də millət vəkillərini bu qanun layihəsinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, bu gün müzakirəyə çıxarılan qanun layihəsinə mən də səs verəcəyəm. Ancaq öncə istərdim ki, Elmira xanım haqqında qısa bir informasiya verim. Elmira xanım bu aparata gələnə qədər çox böyük yol keçmişdir. Mən deyərdim ki, o, Azərbaycanın ən cəfakeş xanımlarından biri olmuşdur. Onun Azərbaycan xalqı üçün gördüyü işlər həddindən artıq çoxdur.
Ombudsman aparatının fəaliyyətinə gəldikdə isə deməliyəm ki, bu aparat Azərbaycanda yenidir və buna görə onun mənfi və müsbət cəhətləri olacaqdır. Lakin ümumilikdə, ombudsman aparatının yaradılması və Cənubi Qafqazda ilk dəfə qadının ombudsman təyin edilməsi bizim üçün önəmli bir məsələdir. 1 milyondan artıq qaçqın və köçkünümüz var. Elmira xanım həmişə o insanların arasında olub, onların pozulmuş hüquqlarını müdafiə edibdir. Elə bir qaynar nöqtə olmaz ki, Elmira xanım orada olmasın. Regional mərkəzlərə gəldikdə isə demək istərdim ki, bunların yaradılması regiondan paytaxta axının qarşısını almaq və insanların pozulmuş hüquqlarını müdafiə etmək baxımından əhəmiyyətlidir. Biz həm də regional mərkəzlərin sayının artırılmasına çalışmalıyıq. Mən bu qanun layihəsinə səs verəcəyəm və bütün həmkarlarımı da bu sənədə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun. Hesab edirəm ki, müzakirə olunan qanun layihəsi ilə əlaqədar kifayət qədər ətraflı təhlillər aparıldı. Mən məsələnin bir-iki cəhətinə diqqəti yönəltmək istəyirəm. Yeni yaranmasına baxmayaraq, ombudsman təsisatı Azərbaycanda özünü mülki cəmiyyətin çox vacib təsisatlarından biri kimi artıq təsdiq edibdir. Azərbaycan vətəndaşlarının onların hüquqlarının qorunması ilə bilavasitə məşğul olan mülki cəmiyyət təsisatı haqqında ətraflı məlumatı var və öz hüquqlarının müdafiə olunması üçün bu institutun xidmətlərindən, fəaliyyətindən səmərəli şəkildə istifadə edirlər. Burada artıq qeyd etdilər, bu müddət ərzində ombudsmanın bütövlükdə fəaliyyətini kifayət qədər səmərəli hesab etmək olar. Əlbəttə, bugünkü müzakirənin məqsədi heç də ombudsmanın fəaliyyətinə qiymət vermək deyil. Ancaq burada səsləndirilən tənqidi fikirlərə ədalət baxımından öz münasibətimi bildirməyi vacib saydım.
Burada səsləndirilən bir məsələyə də münasibət bildirmək istəyirəm. Belə bir fikir səsləndi ki, ombudsmanın fəaliyyətə başlamasından sonra Azərbaycanda insan hüquqları sahəsində çalışan qeyri-hökumət təşkilatlarının fəaliyyətinin kölgədə qalacağını gözləyirmişlər. Ancaq reallıq bundan ibarətdir ki, Azərbaycanda insan hüquqları sahəsində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının bir çoxu, - əlbəttə, bunu hamısı haqqında demək olmaz, - xarici tələbatı ödəməklə məşğul olduğundan onların məqsədi heç də Azərbaycanda insan hüquqlarının pozulmasının qarşısını almaq istiqamətində çalışmaq deyil, bəlkə də daha çox Azərbaycandan kənarda olan “maraqlı” dairələrdə Azərbaycan haqqında, Azərbaycanda insan hüquqları haqqında düzgün olmayan qərəzli fikırlərin formalaşmasına kömək etməkdir, onlara lazım olan materialları verməkdir. Düşünürəm ki, ombudsman institutunun yaradılması onların bu istiqamətdə fəaliyyətinin qarşısını almağa xeyli dərəcədə kömək edibdir. Çünki bu institutun fəaliyyəti, o cümlədən də beynəlxalq aləmə çıxışı Azərbaycanda insan hüquqları ilə bağlı həqiqi vəziyyətin nədən ibarət olmasını həm də beynəlxalq təşkilatlara çatdırmaq nöqteyi-nəzərindən əhəmiyyətlidir.
Bununla bağlı mən növbəti bir məsələyə diqqət yetirmək istəyirəm. Ombudsman insanların hüquq və azadlıqlarının qorunmasına çalışan, bu istiqamətdə fəaliyyət göstərən bir təsisatdır. Hesab edirəm ki, Azərbaycanda ən çox hüquqları pozulan və qorunmağa ehtiyacı olan bir milyon qaçqın və məcburi köçkündür. Ombudsman təsisatı beynəlxalq aləmə çıxıb və özünü nəinki Azərbaycanın daxilində, Azərbaycandan kənarda da göstəribdir. Bizim ombudsmanımızın fəaliyyətinin bir istiqaməti də kütləvi şəkildə hüquqları pozulmuş insanların hüquqlarının Azərbaycandan kənarda, beynəlxalq təşkilatlar çərçivəsində qorunmasıdır. Ombudsman bu sahədə olan həqiqətlərin beynəlxalq təşkilatlara çatdırılması üçün daha səmərəli fəaliyyət göstərə bilər. Bunun üzərində fikirləşməyə dəyər. Məcburi köçkünlərin və qaçqınların pozulmuş hüquqlarının beynəlxalq təşkilatlara və ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən ombudsman institutlarına çatdırılmasında və onların vasitəsi ilə bu hüquqların bərpa edilməsində səmərəli iş aparılmalıdır. Bəlkə bu təsisatın daxilində bu işlə məşğul olan bir qurum yaradılsın.
Nəhayət, sözümün sonunda bildirmək istəyirəm ki, regional mərkəzlərin yaradılmasına artıq ehtiyac yaranıbdır. Azərbaycan vətəndaşlarının ombudsman institutuna müraciətləri artıbdır. Bu özü də onu göstərir ki, ombudsmanın fəaliyyəti kifayət qədər səmərəlidir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli deputatlar! Mən əvvəlcədən deyim ki, qanun layihəsinin bütövlükdə qəbul edilməsinin tərəfdarıyam və ona səs verəcəyəm, çünki hal-hazırda Azərbaycanda ombudsman təsisatının fəaliyyəti haqqındakı fikirlərdən, münasibətlərdən asılı olmayaraq, şübhəsiz, insan hüquqları ilə məşğul olan təsisatların yaranması və bu sahədə mümkün qədər çox insanlarımızın çalışması olduqca mütərəqqi bir hadisədir və demokratiyanın inkişafına xidmət eləyir. Onsuz da indi dövlət sistemində xeyli əhəmiyyətsiz və əslində, cəmiyyətin inkişafına xidmət eləməyən xeyli iş yerləri vardır. Heç olmasa, bu iş yerlərinin sırasına insan hüquqları adı altında çalışan insanların daxil olması çox faydalı ola bilər, çünki belə insanların içərisində ən azı onların müəyyən bir hissəsi mütərəqqi dünyagörüşə, savada malik olan insanlar olacaqdır və onlar alacaqları əmək haqqının müqabilində müəyyən bir iş görəcəklər.
Mən bəzi hörmətli millət vəkilləri tərəfindən Azərbaycanda fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarının ünvanlarına səslənən tənqidi və bir qədər də tənqiddən o tərəfə olan fikirlərə münasibətimi bildirməyə bilmərəm. Heç şübhəsiz, hüquq müdafiə təşkilatları bu gün Azərbaycanda vətəndaş cəmiyyətinin yaranmasında, demokratik şüurun, siyasi mədəniyyətin inkişafında, Azərbaycan insanının demokratik mədəniyyəti haqqında dünyada müsbət bir imicin formalaşmasında əvəzsiz rol oynayırlar. Bu gün bu hüquq müdafiə təşkilatlarının, məncə, Azərbaycanda ən qədimi olan Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, insan hüquqlarının müdafiəsinə görə çox mühüm nüfuzlu beynəlxalq mükafatlar almış Novella Cəfərovanın 65 yaşı tamam olur. Ona görə də mən hörmətli Novella xanımın şəxsində bu gün çox fədakarcasına çalışan və Azərbaycanın hər bir vətəndaşının, Azərbaycan dövlətinin, Azərbaycan cəmiyyətinin inkişafı istiqamətində bəzilərinin dediyi kimi yox, təmənnasız şəkildə özünün həyatını sərf eləyən bütün insanları təbrik eləyirəm, alqışlayıram. Bildirirəm ki, həm də Azərbaycanda demokratiyanın inkişafı müstəqil hüquq müdafiə təşkilatlarının mövcudluğundan və fəaliyyətindən keçir. Mən də hörmətli ombudsmanımıza həmin hüquq müdafiə təşkilatları ilə daha sıx əməkdaşlıq arzu edərdim. Ombudsmanın hesabatında biz öz sözlərimizi deyəcəyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yəqin, sualları Əli müəllim və hörmətli Elmira xanım cavablandıracaqlar. Elmira xanım, suallara cavab vermək fikriniz varsa, buyurun.
E. Süleymanova, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman).
Ən əvvəl təşəkkür edirəm, cənab Sədr. Hörmətli Milli Məclisin Sədri və millət vəkilləri, icazə verin, üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinə təkrar və yeni seçilmiş deputatları təbrik edim və Azərbaycanın demokratik yolla inkişafında, hüquqi dövlət quruculuğunda, milli qanunvericiliyin təkmilləşməsində, insan hüquqlarının tam etibarlı təmin olunmasında hamınıza uğurlar arzulayım! Ümidvaram ki, yeni tərkibli parlament ölkədə insan hüquqlarının və azadlıqlarının müdafiəsi, dövlət qurumları, vəzifəli şəxslər, yerli özünüidarəetmə orqanları tərəfindən pozulmuş hüquqların bərpa olunması məqsədi ilə yaranmış ombudsmanla gələcəkdə daha sıx əməkdaşlıq edəcəkdir. Bu özü-özlüyündə bir çox sualları aradan qaldırardı.
Hələ bir çox qurumlar və məndən inciməsinlər, bir çox şəxslər bu təsisatın fəlsəfəsini tam dərk etmirlər. Ombudsman qərar qəbul edən orqan deyil, məsləhətçi orqandır. Eyni zamanda, olduqca demokratik orqandır. Ona görə ki, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Konstitusiya Qanunu hər bir kəsə, hətta hüquqi şəxslərə Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə müraciət etmək hüququnu vermişdir. Bunu çox ölkələrdə demokratik bir hal kimi vurğulayır və eyni zamanda, bu, praktiki olaraq hər bir kəsə ombudsmana müraciət etmək imkanı yaradır. Bu yaxınlarda bizim illik məruzəmiz olacaqdır. Mən bu gün həm müsbət, həm də tənqidi fikirlərlə çıxış edən hər bir deputata öz minnətdarlığımı bildirirəm və sizi əmin eləyirəm ki, illik məruzədə bir çox suallar cavablandırılacaqdır.
Birinci, ombudsman Azərbaycanda müstəqil fəaliyyət göstərməkdədir. Bu iş hər bir ölkədə mümkün deyil. İkinci, ombudsman tam qərəzsiz fəaliyyət göstərir. Bunu hamı təsdiqləyir. Heç bir amildən - milli, etnik, dini, partiya mənsubiyyətindən, siyasi baxışlarından asılı olmayaraq kim ombudsmana müraciət edibsə, cavabsız qalmamışdır. Özümün səlahiyyətlərim çərçivəsində bütün şikayətlərə diqqətlə yanaşmışam. Mən istərdim ki, hər bir kəs bu səlahiyyətləri bilsin və dəyərləndirsin. Onu deyə bilərəm ki, fəaliyyətimizi belə qura bilmişik. Heç kəs inkar etməz ki, son illərdə Azərbaycan Respublikasının regionlarının sosial-iqtisadi inkişafını istiqamətləndirən Prezident fərmanı, dövlət proqramı, həqiqətən, bütün regionlarda iqtisadi, sosial sahədə inkişafı canlandırmışdır. Mənim zənnimcə, regional mərkəzlərin yaranması həmin fəaliyyəti tamamlayır.
Burada səslənən fikirlərə də münasibətimi bildirmək istərdim. Regional mərkəzlər Azərbaycan üçün yeni bir şey deyil. Artıq bunlar iki ildən çoxdur ki, fəaliyyət göstərirlər. Bu qurumlar özünü doğrultmuş, həm ölkə daxilində, həm də beynəlxalq miqyasda təsdiqlənmişdir. Əli müəllimin məruzəsində göstərildiyi kimi, bunlar BMT-nin İnkişaf Fondu tərəfindən maliyyələşdirilmişdir. Mən bu gün bu dəstəyə görə BMT-nin Azərbaycandakı nümayəndəliyinə öz minnətdarlığımı bildirirəm. Lakin belə dəstək müəyyən müddət ərzində olur. Bu gün isə bu məsələnin bu şəkildə müzakirəyə çıxarılması olduqca önəmlidir.
Regional mərkəzlər nə üçün yarandı və bunların vəzifələri nədir? Ən əvvəl hər bir kəs yaşadığı yerdə regional mərkəzə insan hüquqlarının pozulması ilə bağlı şikayətini verə bilir. 24 saat ərzində biz o məlumatı Bakıda alırıq. Əlbəttə, regional ofislər yeni yaranmış qurumlardır və özü- özlüyündə qərar qəbul etmirlər, öz fəaliyyətlərini mərkəzlə məsləhətləşmələr əsasında qururlar. Belə araşdırmalar olduqca çevik şəkildə həyata keçirilir. İcra hakimiyyəti orqanları ilə, bələdiyyə rəhbərləri ilə, polis, prokurorluq orqanları ilə, məhkəmələrlə buradan əlaqələr saxlayırıq və lazımi qərarın qısa müddətdə qəbul olunmasına çalışırıq.
Eyni zamanda, regional mərkəzlərin ən böyük vəzifələrindən biri hüquqi maarifləndirmədir. Çünki heç də demək olmaz ki, ölkədə hər bir kəs öz hüquqlarını ölkə Konstitusiyasına, qoşulduğumuz beynəlxalq konvensiyalara, milli qanunvericiliyimizə uyğun həyata keçirməyi bacarır. Ona görə hüquqi maarifləndirmə işinin də böyük əhəmiyyəti var.
Nəhayət, bunlar orada sərbəst fəaliyyət göstərsə də, ombudsman tərəfindən regional məsləhətçilər ayda ən azı 2 dəfə onlarla görüşür. Mən özüm də mümkün qədər tez-tez regionlarda oluram, əhali ilə görüşlər keçirib onların şikayətlərini qəbul edirəm. Bəzən yerlərdə bunları həll etməyə nail oluruq.
Mən bir də istərdim, diqqətinizi qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq məsələsinə cəlb edəm. Əvvəla, mən regional mərkəzlərin yaranması, neçə rayonda və hansı məntiqdən yaranması məsələsinə toxunmaq istərdim. Belə regional mərkəzlərin Şəkidə, Cəlilabadda, Qubada, Naxçıvanda və Gəncədə təşkil olunması təklif olunmuşdur. Bununla bağlı mən yerlərdə olmuşam, vəziyyəti öyrənib, tövsiyələrimi də vermişəm. Mən deyə bilərəm ki, bu gün artıq 3 regional mərkəz fəaliyyət göstərir. Hamı bilir ki, bunlar uğurlu fəaliyyət göstərirlər. Naxçıvanda regional mərkəzin yaranmasını əsaslandırmağa ehtiyac yoxdur, oranın əhalisi təcrid olunmuş halda yaşayır və onların Bakıya gəlməsi, həqiqətən də, problemlər yaradır. Oranın əhalisi ombudsman təsisatının yaradılmasını böyük razılıqla qarşılayır. Bunlar ölkənin regional, sosial-iqtisadi inkişafı baxımından seçilmiş mərkəzlərdir. Hər hansı bir məsələ ilə bağlı əgər bütün Şəki-Zaqatala zonası Şəkiyə gəlirsə, həmin mərkəzin orada yerləşməsi də məqsədəuyğundur və hər bir kəs ora qısa müddətdə çata bilir. Mən elə bilirəm ki, bu gün 5 mərkəzin yaranması yaxşı təcrübə olardı. Gələcəkdə bəlkə bunların sayı arta bilər.
Nəhayət, ixtisaslaşmış ombudsmanlar haqqında bir neçə kəlmə demək istəyirəm. Demokratiya inkişaf etdikcə yeni ombudsmanlar yaranacaq. Bu, təbii bir prosesdir. Amma ilk gündən Azərbaycan ombudsmanının nəzdində ixtisaslaşmış məsləhətçilər fəaliyyət göstərir və onlar beynəlxalq təcrübə ilə bağlı təhlillər aparır, müvafiq dövlət qurumlarına öz təkliflərini verirlər. Burada hörmətli deputatlardan biri İsveçi nümunə gətirdi. Orada, həqiqətən, bir neçə ombudsman fəaliyyət göstərir. İsveçin ombudsmanını Azərbaycana dəvət etmişəm. Qısa müddətdə 40-dan çox ən güclü beynəlxalq ombudsman Azərbaycanda olmuşdur. Biz bütün fəaliyyətimizi şəffaflığı ilə onlara tanış olmağa, öyrənməyə və tövsiyə verməyə təqdim edirik. Azərbaycanın təcrübəsi İsveçin ombudsmanı tərəfindən çox bəyənildi. O özü də Bakıda olacaq, sizlərlə də görüşü məqsədəmüvafiq olar. 200 il fəaliyyət göstərsələr də, yenə də ildən-ilə təkmilləşmədən söz açırlar. Yəqin ki, bizim də təkmilləşmə potensialımız, resurslarımız kifayət qədər böyükdür.
Sonra, kimsə gözləyirmiş ki, ombudsman qeyri-hökumət təşkilatlarının fəaliyyətini kölgədə qoyacaq. Bu, ombudsmanın mahiyyətinə, fəlsəfəsinə çox yad olan bir fikirdir. Ombudsmanın vəzifələrindən biri də vətəndaş cəmiyyətinin inkişafı üçün bütün qeyri-hökumət təşkilatları ilə sıx əməkdaşlıqda işləməkdir. Bu baxımdan bizim ombudsman təsisatının həm iqtidarı, həm müxalifəti, həm də bitərəfləri cəlb etməklə müntəzəm şəkildə fəaliyyət göstərən müstəqil ekspertlər şurasını yaratması müsbət bir təcrübə kimi dəyərləndirilir.
Mən vaxtınızı çox almaq istəmirəm, bizim illik hesabatımızda bu sualların çoxu cavabını tapacaqdır. Bu gün mən “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılmasına görə ölkə Prezidenti cənab İlham Əliyevə öz minnətdarlığımı bildirirəm. Mən bu qanun layihəsini dəstəkləyən millət vəkillərinə də öz minnətdarlığımı bildirirəm. Milli Məclisin Sədri cənab Oqtay Əsədova öz minnətdarlığımı bildirirəm və ümid bəsləyirəm ki, gələcəkdə hər bir komissiya üzvü ombudsmanla sıx əməkdaşlıqda işləyəcəkdir. Azərbaycanda ombudsman təsisatının daha da inkişaf etməsi üçün hər birinizin tövsiyəsini gözləyirəm və sizə minnətdaram. Hamınıza uğurlar arzulayıram!
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Mənə elə gəlir ki, qanun layihəsi çox ətraflı müzakirə olundu və verilən suallara da ombudsman tərəfindən tutarlı və gərəkli cavablar verildi. Mən bir də sizin diqqətinizə çatdırmaq istəyirəm ki, bu, Konstitusiya qanunudur, 95 səs çoxluğu ilə qəbul olunmalıdır. Xahiş edirəm, səsvermədə diqqətli olun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.10 dəq.)
Lehinə 100
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov, Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi nəzərdə tutulub. Bu aktlar “Azərbaycan Respublikasında hərbi xidmətə çağırışın əsasları haqqında” və “Müdafiə haqqında” Azərbaycan Respublikasının qanunlarıdır. Bu zərurət nədən doğub? İstəyirəm, o barədə sizə məlumat verəm.
Bilirsiniz ki, biz 2005-ci ilin yaz sessiyasında Azərbaycan Respublikasının müdafiə və təhlükəsizlik sisteminin möhkəmləndirilməsi, onun normativ hüquqi bazasının daha da gücləndirilməsi ilə əlaqədar paket şəklində bir sıra qanunlar qəbul etdik. Həmin qanunlardan ikisini qeyd etmək istəyirəm. Biz “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” və “Hərbi-nəqliyyat vəzifəsi haqqında” qanunları qəbul etdik. Bu qanunların mahiyyəti və fəlsəfəsinə müvafiq olaraq, təbii ki, müəyyən hərbi qanunvericilik aktlarının da onlara uyğunlaşdırılması zərurəti meydana çıxır.
Burada birinci növbədə söhbət nədən gedir? Bilirsiniz ki, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunda yerli icra hakimiyyəti və yerli özünüidarəetmə orqanlarının fəaliyyət mexanizmindən söhbət gedir. Hal-hazırda qüvvədə olan “Azərbaycan Respublikasında hərbi çağırışın əsasları haqqında” Qanunda isə söhbət yalnız yerli hakimiyyət orqanlarından gedir. Ona görə də cənab Prezident haqlı olaraq “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun mətninə, ruhuna uyğun olaraq yerli özünüidarəetmə orqanlarının da bu qanunlara əlavə edilməsini nəzərdə tutur. Çünki səfərbərlik hazırlığının anlayışı bizə yaxşı məlumdur. Söhbət müharibə dövrünün şəraitinə uyğunlaşmaqdan gedir. Bütün hərbi potensialı bir yerə cəlb etmək üçün, təbii ki, təkcə dövlət orqanlarının deyil, həm də yerli özünüidarəetmə orqanlarının fəaliyyəti lazımdır. Birinci əsas dəyişikliklər bundan ibarətdir.
İkinci, 24-cü maddənin birinci hissəsinin birinci cümləsinin aşağıdakı redaksiyada verilməsi təklif edilir: “Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və ya qismən səfərbərlik elan edir”. Bu bizim üçün yeni anlayış deyil. Eyni ilə bu cür mətn bizim Səfərbərlik haqqında qanunun 5-ci maddəsində nəzərdə tutulub. Bu ona uyğunlaşdırılır ki, qanunlar arasında boşluq olmasın və onlar bir-birini tamamlasınlar.
Bilirsiniz ki, “Müdafiə haqqında” Qanun 1993-cü ildə qəbul edilib. “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun tələblərinə uyğun olaraq bu qanunda da müvafiq dəyişikliklər və əlavələr edilməlidir. Bura da “yerli özünüidarəetmə orqanları” ifadəsi əlavə olunur.
Hörmətli deputatlar, mən sizə bir arayış vermək istəyirəm. Sizə paylanılan layihələrdə kompüter xətası var, orada “yerli orqanlar” yazılıb, “hakimiyyət” sözü unudulubdur. Biz onu Prezidentin İcra Aparatı ilə razılaşdırmışıq. İstərdim ki, bunu nəzərə alasınız. Söhbət yerli hakimiyyət orqanlarından və yerli özünüidarəetmə orqanlarından gedir. Möhtərəm cənab Prezident tərəfindən daxil olan “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun tətbiqi ilə əlaqədar digər qanunlara ediləcək əlavələrin və dəyişikliklərin mahiyyəti bundan ibarətdir. Hesab edirəm ki, Azərbaycanın hərbi qüvvəsinin artdığı bir dövrdə normativ-hüquqi bazanın möhkəmlənməsi, həm də qanunların bir-birinə uyğunlaşdırılması nöqteyi-nəzərindən bunlar olduqca vacibdir. Mən sizi bu dəyişikliklərə və əlavələrə səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Bu məsələyə Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında da baxılıb. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Artıq Ziyafət müəllim bu barədə çox geniş məlumat verdi, digər qanunvericilik aktlarına edilən dəyişikliklər və əlavələrin zəruriliyi barədə də fikirlərini bildirdi. Məhz bu zərurətdən irəli gələrək daha iki qanuna – “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna və İnzibati Xətalar Məcəlləsinə əlavələr edilir. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanuna belə bir müddəa əlavə edilir: “Səfərbərlik elan edildikdə Azərbaycan Respublikasına gəlmə və Azərbaycan Respublikasından getmənin xüsusi qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir”. Bu müddəa bura yazılır, amma sonra cənab Prezidentin bu qanunun tətbiqi ilə bağlı fərmanında həmin orqanlar müəyyənləşəcəkdir.
İnzibati Xətalar Məcəlləsinə isə edilən əlavə belədir: “Dövlət və yerli özünüidarəetmə orqanlarının, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatların vəzifəli şəxsləri tərəfindən Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq səfərbərlik hazırlığı və səfərbərlik sahəsində onlara həvalə edilmiş vəzifələrin yerinə yetirilməməsinə görə - şərti maliyyə vahidinin 80 mislindən 90 mislinə qədər cərimə edilir”. Məlumat üçün deyim ki, inzibati qanunvericilik vəzifəli şəxslərə görə maksimum həddi şərti maliyyə vahidinin 90 mislinə qədər müəyyən edir. Bu əməl inzibati xəta baxımından kifayət qədər təhlükəlidir. Ona görə də sanksiyanın yuxarı həddi – 90 mislinə qədər götürülüb. Bu, məqbuldur və qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Çıxış etmək üçün yazılanlar var. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Qanunvericilikdə edilən bu dəyişikliklər normal dəyişikliklərdir və mən onlara səs verəcəyəm. İstəyirəm, indi hörmətli Əli müəllimin qeyd etdiyi bir məsələyə münasibətimi bildirəm. Mən hələ ikinci çağırış Milli Məclisin iclaslarında da qeyd etmişdim ki, vəzifəli şəxslərin qanun pozmasından söhbət gedərkən mütləq bizim İnzibati Xətalar Məcəlləsində onlara əlavə cəza kimi yox, əsas cəza növü kimi vəzifədən çıxarma tətbiq olunmalıdır. Bu, ölkədə intizam məsuliyyətinin gücləndirilməsinə və vəzifəli şəxslərin məsuliyyətinin artmasına xidmət edə bilər. Amma biz bu gün dəyişiklikləri müzakirə edirik.
Mən bir daha 24-cü maddənin birinci hissəsini bizim hörmətli Milli Məclisin diqqətinə çatdırmaq istəyirəm. Hansı hallarda ölkədə səfərbərlik elan olunur? “Azərbaycan Respublikasına qarşı real silahlı hücum edildiyi və ya bilavasitə real silahlı hücum təhlükəsi olduğu, habelə Azərbaycan Respublikasına qarşı yönəldilmiş silahlı münaqişə yarandığı hallarda müvafiq icra hakimiyyəti orqanı dərhal ümumi və qismən səfərbərlik elan edir”. Yəni xalqın və dövlətin taleyi ilə bağlı ciddi təhlükə olduğu dövrdə səfərbərlik elan edilir. Belə halda vəzifəli şəxsin üzərinə qanunvericiliklə müvafiq öhdəlik qoyulur və o həmin öhdəliyi yerinə yetirmir. Biz isə ona 80-90 yeni Azərbaycan manatı məbləğində cərimə təyin edirik. Gəlin hamımız etiraf edək ki, bu, düzgün cəza deyil. Bununla biz vəzifəli şəxslərdə lazımi məsuliyyət yarada bilməyəcəyik.
İnzibati Xətalar Məcəlləsinin 356.2-ci maddəsinə əlavə və dəyişikliklər edilir. Orada qeyd olunmalıdır ki, o, alternativ sanksiyalı olmalıdır. Orada cərimə ilə yanaşı, vəzifədən çıxarılma da nəzərdə tutulmalıdır, yəni vəzifədən çıxarılma növündə onlara cəza tətbiq olunmalıdır. Burada çoxlu sayda hüquqşünas oturub. Hər bir millət vəkili bilir ki, cəza şəxsdə hər hansı bir məhrumiyyət yaratmalıdır. Bu, maddi də, mənəvi də ola bilər, onun ictimai statusunda məhrumiyyətlər yaratmaqla da əlaqədar ola bilər. 90 manat isə, hesab edirəm ki, onun nə maddi, nə mənəvi, nə də ictimai statusunda hər hansı bir məhrumiyyət yaradır. Hesab edirəm ki, millət vəkilləri də məni müdafiə edər və biz bu cür normaları müəyyənləşdirərkən sanksiyaları ağırlaşdırmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Azərbaycanın müharibə şəraitində olduğunu və torpaqların böyük bir qisminin işğal altında olduğunu nəzərə alaraq mən də bu gün gündəliyə çıxarılan məsələni əhəmiyyətli hesab edirəm. Amma bir sıra iradlarım da var. Bundan əvvəl mən Hərbi xidmətə çağırışın əsasları məsələsini qaldırmışdım və hörmətli Ziyafət müəllim bu məsələyə öz münasibətini bildirmişdi. Mən sadəcə olaraq, bu məsələ müzakirə olunacaq deyə dünən buna toxunmadım. Ziyafət müəllim mənim hərbi çağırış yaşının 35-dən 27-yə endirilməsi ilə bağlı təklifimə münasibətini bildirərkən dedi ki, hələ müharibə qurtarmayıb, hələ sülh sazişi imzalanmayıb və buna nə ehtiyac var? Əvvəla, onu qeyd edim ki, müharibənin başlayacağı və Azərbaycanın real bir təhlükə ilə üz-üzə qalacağı bir vaxtda səfərbərlik haqqında qanun var və hərbi səfərbərlik haqqında qanunun tələblərinə uyğun olaraq istənilən yaş həddində olan vətəndaş yenidən hərbi xidmətə çağırıla bilər. Bu, Prezidentin sərəncamı ilə 3 ay müddətinə, Milli Məclisin səlahiyyəti ilə isə daha 3 ay uzadılmaqla ola bilər.
Mənim yaş həddini 35-dən 27-yə endirilməklə bağlı təklifimin əsasında çox ciddi məsələlər dayanırdı. Bu gün orduda intihar hallarının, fərariliyin, keçmiş sovet ordusunda olduğu kimi, “dedovşina”nın mövcud olması, əslində, psixoloji durumla bağlıdır. Bu, yaş arasında fərqin həddən artıq olması ilə bağlıdır. 18 yaşlı vətəndaşla 35 yaşında olan vətəndaşın bir yerdə xidmət etməsi çox çətindir. Bunu məhz ona görə deyirdim.
İldə 4 dəfə çağırışla bağlı da təklifim oldu. 4 dəfə çağırışın səbəbləri var. Bu da, təbii ki, hərbi komissarlıqda neqativ hallara ciddi şəkildə meydan açır. İldə 2 dəfə normal qaydada çağırış olmalıdır. Bundan əvvəl də belə idi. Hər 3 aydan bir minlərlə vətəndaşın çağırış yaşı müxtəlif aylara ötürülür və külli miqdarda pul yığılır. Bu, hər kəsə aydındır və bunu hamımız da bilirik. Bildiyimiz bir şeyin təzədən burada hansısa bir formada bəraətini tapmasına ehtiyac yoxdur.
Konkret olaraq maddələrə fikrimi bildirmək istəyirəm. Təklif olunan variantda müxtəlif tələblər qoyulur. Burada göstərilir ki, onların çağırış üzrə vaxtında gəlməsinə kömək göstərməlidirlər. “Kömək göstərməlidirlər” bir az qeyri-ciddi ifadədir. Kömək göstərə də bilər, göstərməyə də. Kömək göstərmək, əslində, məsuliyyət müəyyən etmir. Onun vəzifəsi müəyyən olunmalıdır. Bundan əvvəl, heç müharibə olmayan dövrlərdə hərbi komissarlıqların hamısında ərazilər üzrə göndərilən şəxslər olurdu. Bu tipli hadisələr baş verəndə onların qeyri-rəsmi şəkildə göndərişlərin məhz həmin adamlar tərəfindən çatdırılması və onların məsuliyyəti nəzərdə tutulurdu. İndi gəlməsinə kömək göstərməlidir, göstərə bilmədi.
Məndən əvvəl çıxış edən deputat həmkarım Qüdrət bəy də dedi, şərti maliyyə vahidinin 80 mislindən 90 mislinə qədər cərimə ödəyir. Təsəvvür edirsiniz, ölkə müharibə şəraitindədir, səfərbərlik elan olunub və kimsə, sadəcə, 90 manat ödəyir. Bu, maliyyə ilə ölçülən məsələ deyil. Ödədi və yenə çağırmadı, bəs onda necə? Bəlkə bunun hərəkəti İnzibati Xətalar Məcəlləsi ilə yox, Cinayət Məcəlləsi ilə müəyyən olunmalıdır? Hesab edirəm ki, bu tipli məsələlər daha konkret göstərilməlidir. Bundan başqa, yerli özünüidarəetmə orqanlarının üzərinə götürdüyü məsuliyyət nə dərəcədə artıqdır ki, onlar məhz seçilmiş orqanlar kimi bu işdə hansısa bir funksiya yerinə yetirsinlər? Bundan əvvəlki səviyyədə komissarlıqlarda olan şəxslərdən, ya da ehtiyatda olan zabitlərdən, əsgərlərdən ibarət bir qrup olmalıdır, hərbi komissarlıq 6 aydan, bir ildən bir, sadəcə, çağırışlar etməli, onlara 15-20 günlük təlim keçməlidir. Onlar bu funksiyanı yerinə yetirməlidirlər. Bu daha məqbuldur, nəinki onu bələdiyyələrə və yaxud digər strukturlara aid etmək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ziyafət müəllim burada geniş izahat verdi. Burada əsas məqsəd yerli icra orqanları ilə bərabər yerli özünüidarəetmə orqanlarının da səfərbərlik işində fəal iştirak etməsidir. Mən 356-cı maddənin ikinci hissəsinə münasibətimi bildirmək istəyirəm. Burada həmkarlarım qeyd etdilər ki, idarə və təşkilatların vəzifəli şəxsləri əgər səfərbərliklə bağlı onlara həvalə olunan vəzifələri yerinə yetirmirlərsə, onları cinayət məsuliyyətinə cəlb etmək və ya vəzifədən çıxarmaq lazımdır. Mənə elə gəlir ki, buna getmək olmaz. Çünki idarə və təşkilatlarla əsas mübahisə nəqliyyatla əlaqədar yarana bilər. Bu, stimul daşıyıcı bir məsələdir. Ona görə də şərti maliyyə vahidinin 90 misli məsələsi saxlanılmalıdır. Biz səfərbərlik elan olunduqda idarə və təşkilat rəhbərlərinin vəzifədən kənarlaşdırılmasının ixtiyarını hərbi komissarlara versək, onda çox böyük anarxiya yaranar. Mən bunun tamamilə əleyhinəyəm. Mən bu əlavələrin və dəyişikliklərin qəbul olunmasının tərəfdarıyam. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vahid müəllim. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun tətbiqi ilə əlaqədar qəbul edəcəyimiz dəyişikliklər çox ciddi məsələdir. Xüsusilə bizim kimi müharibə şəraitində olan bir ölkənin qanunlarında daha ciddi dəyişikliklər etməyə ehtiyac vardır. Bu gün bu qanun layihəsinin müzakirəsini təbii bir hal kimi qiymətləndirirəm.
Keçən dəfə də müzakirə zamanı mən bu sualı verdim. Bu dəfə də həmin sualı təkrar səsləndirmək istəyirəm. Burada hərbi komissarlığın nümayəndələri iştirak edirlər, onlardan soruşmaq istəyirəm ki, 35 yaş həddi başqa ölkələrin hansında var? 35 yaş həddi nə dərəcədə məqbul sayıla bilər? 17 yaşında evlənmiş şəxsin 35 yaşı olanda 17 yaşında oğlu ola bilər. Belə çıxır ki, ata-oğul birlikdə əsgərliyə gedib təpik döyəcəklər. Əsgərliyin öz qanunları var. Əsgərlik sivil qaydada əxlaqi kodekslərlə müəyyənləşdirilmiş pedaqoji məktəb, institut deyil. Ata və oğlun eyni səviyyədə və eyni sistemdə ilkin xidmət göstərmələri nə dərəcədə həqiqətə uyğundur? Bu məsələyə hərbi komissarlığın nümayəndələri bir aydınlıq gətirsinlər.
İkinci tərəfdən, burada söhbət getdi ki, bu məsələni müvafiq icra strukturu müəyyənləşdirəcəkdir. Ali baş komandan əmr verir və hərbi səfərbərlik keçirilir. Bu, qanunauyğundur. Ona görə də bələdiyyələrin, ya da ictimai təşkilatların hər hansı özfəaliyyətinə nə ehtiyac var? İstəyirəm, hərbi komissarlığın nümayəndələri bu suala da cavab versinlər. Hərbi səfərbərlik haqqında əmr veriləndən sonra onu tənzimləmək dövlət səviyyəli bir işdir. Hərbi səfərbərlik haqqında qanun var, ona ciddi əməl etmək lazımdır. Sayı artırmaqla heç də qanunun hüquqi gücünü qüvvətləndirmək mümkün deyil. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Ziyafət müəllim, buyurun, suallara cavab verin.
Z. Əsgərov. Çox sağ olun. Cənab Sədr, hörmətli deputatlar! Burada 356.2-ci maddə ilə əlaqədar sual verildi. Suallara cavab verməzdən əvvəl sizdən çox xahiş edərdim, götürün, qanun layihəsini diqqətlə oxuyun. Biz bura heç nə əlavə etmirik. Biz, sadəcə olaraq, “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunun müddəalarını bu qanuna köçürürük və buna müvafiq olaraq İnzibati Xətalar Məcəlləsində müəyyən sanksiyalar müəyyən edirik. Deyirsiniz ki, şərti maliyyə vahidinin 80 mislindən 90 mislinədək miqdarı azdır. Mən hesab edirəm ki, yeni manatla bu o qədər də az deyil. Amma siz qanunun III fəslinə baxsanız, görərsiniz ki, bu cür məsuliyyətsizlik etmiş insanlar vəzifədən dərhal kənarlaşdırılırlar. Bunu dərk eləmək lazımdır. İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq burada konkret cərimədən söhbət gedir. Doğrudan da, əgər hər hansı bir məsul şəxs – istər yerli özünüidarəetmə orqanında olsun, istərsə də yerli icra hakimiyyətində, işin öhdəsindən gələ bilmirsə, o, təbii ki, “Azərdaycan Respublikasında səfərbərlik hazirliği və səfərbərlik haqqında” Qanuna uyğun olaraq vəzifədən uzaqlaşdırıla, etdiyi əməlin dərəcəsinə görə cinayət məsuliyyətinə cəlb oluna bilər. Bu, yenə deyirəm, konkret şəraitdən, konkret vəziyyətdən asılı olacaq.
Üçüncü, İqbal müəllim, qaldırdığınız məsələnin gündəliyə aidiyyəti yoxdur. Amma bir daha təkrar edirəm, 35 yaş məsələsindən sui-istifadə eləmək lazım deyil. Bu gün Azərbaycan ordusunda 35 yaşında xidmət eləyən əsgər çox azdır. 35 yaşın məqsədi nədən ibarətdir? Azərbaycan Konstitusiyasının 76-cı maddəsinə müvafiq olaraq gedin, vaxtında əsgəri xidmətinizi çəkin, 35 yaşa da ehtiyac olmasın. 35 yaşı xoş gündən müəyyən eləməmişik. 35 yaşı ona görə müəyyən elədik ki, bundan sui-istifadə eləyənlər əsgəri xidmətdən yayınmasınlar. Şükür Allaha, indi elə hallar azalıbdır. 18 yaşında deyil, 20-21 yaşında get, bununla da qurtarsın, getsin. Sizin dediyinizdən belə çıxır ki, insanların hamısı 35 yaşında xidmət eləyir.
Nizami müəllim, dədə-baladan söhbət getmir. Söhbət ondan gedir ki, özünə kişi deyən, kişi cinsindən olan şəxs vaxtında hərbi borcunu ödəsin. 35 yaşın məqsədi ondan ibarətdir ki, hara getsən də, gəlib o borcu yerinə yetirməlisən. Məcburi deyil ki, 35 yaşında getməlisən, 20, 21, 22, 23 yaşlarında get. Məqsəd Konstitusiyamızın 76-cı maddəsini reallaşdırmaqdır, burada başqa bir şey yoxdur. Bir də, hörmətli millət vəkilləri, bilirsiniz ki, bu gün Azərbaycan Respublikasının Prezidenti, Ali baş komandan cəbhə xəttindədir. Bu gün Ali baş komandan bizə nümunə göstərir, biz də deyirik ki, gəlin, yaşı azaldaq. Mənə təəccüblü gəlir ki, niyə məhz elə bu gün yaşı azaldaq? Qaça-qaçdır? Lazım olar, 5-6 ildən sonra azaldarıq. Lazım olar, 1 ildən sonra bunu eləyərik. Amma siz ölkədə gedən proseslərə baxın, Azərbaycanın vəziyyətinə baxın. Məhz bu məsələni bu gün həll eləmək nə vacib olub?
Mən çox üzr istəyirəm, bəlkə də emosional danışdım. Bu gün hörmətli Ali baş komandan cəbhə xəttinə gedib, əsgərin vəziyyəti ilə tanış olursa, onun döyüş qabiliyyətini qaldırırsa, ona ruh verirsə, biz bundan nümunə götürmək əvəzinə başqa şeylər təklif edirik. Mən hesab edirəm ki, bütün suallara cavab verdim.
Vahid müəllim tamamilə düz məsələ qaldırır, lazım gələrsə, törədilən cinayət əməlinin ictimai təhlükəlilik dərəcəsinə görə həmin vətəndaş İnzibati Xətalar Məcəlləsinə müvafiq olaraq cərimə də oluna bilər, işdən azad da. Burada həm də məsələ qaldırıldı, niyə ildə 4 dəfə çağırış olur. Sözün düzü, dedikləriniz bu qanuna aid olan məsələ deyil. Azərbaycan Respublikasının hərbi komissarına müvafiq qaydada sorğu verin, o sizə cavab verər. Bu qədər, sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış üçün ikinci dəfə yazılanlar var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təklif var ki, qanun layihəsini səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.37 dəq.)
Lehinə 92
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəlikdə duran növbəti məsələ “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişiklik edilməsi haqqındadır. Bu məsələyə 3 komissiyada baxılıb. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Mən bayaq qeyd elədim ki, keçən ilin yaz sessiyasında “Azərbaycan Respublikasında səfərbərlik hazırlığı və səfərbərlik haqqında” Qanunu paket formasında, “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamə olmaqla təsdiq eləmişdik. “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamədən “hərbi-nəqliyyat vəzifəsi” anlayışını bir daha sizin nəzərinizə çatdırmaq istəyirəm: “Hərbi-nəqliyyat vəzifəsi səfərbərlik zamanı və müharibə dövründə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, qanunvericiliklə nəzərdə tutulmuş digər silahlı birləşmələrinin, habelə müvafiq icra hakimiyyəti tərəfindən yaradılan xüsusi dövlət orqanlarının və müharibə dövründə yaradılan xüsusi bölmələrin nəqliyyat vasitələri ilə vaxtında, keyfiyyətli və tam həcmdə təmin olunması məqsədi ilə müəyyən edilir”.
Bu Əsasnamənin tələblərinə müvafiq olaraq Azərbaycan Respublikasının “Müdafiə haqqında” Qanununa “yerli özünüidarəetmə orqanlarının” sözləri əlavə olunur. 10-cu maddənin mətnində “hərbi- nəqliyyat öhdəliklərini” sözləri “yerli özünüidarəetmə orqanları, müəssisələr, idarələr, təşkilatlar hərbi-nəqliyyat vəzifəsini” sözləri ilə əvəz edilir.
11-ci maddəyə aşağıdakı məzmunda ikinci hissə əlavə edilir: “Azərbaycan Respublikasının vətəndaşları qanunvericiliklə müəyyən edilmiş qaydada hərbi-nəqliyyat vəzifəsini yerinə yetirirlər”. Olduğu kimi “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamədən götürülmüş ifadələrdir. Nə üçün bura “yerli özünüidarəetmə orqanları” sözlərini əlavə edirik? Çünki əgər, doğrudan da, söhbət hərbi-nəqliyyat vəzifəsindən, səfərbərlikdən gedirsə, bu, əlbəttə, ölkənin müdafiəsidir. Ölkənin müdafiəsində isə təkcə dövlət orqanları yox, həm də qeyri-dövlət orqanları və Azərbaycanın bütün vətəndaşları yaxından iştirak etməlidirlər. Məqsəd bundan ibarətdir. Ona görə də sizi bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Ziyafət müəllim. Xahiş edirəm, komissiya sədrləri də fikirlərini desinlər. Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu Əsasnamənin təsdiqi ilə əlaqədar olaraq 3 qanuna dəyişiklik və əlavələr edilir. Eyni zamanda, Əmək Məcəlləsinin 179-cu maddəsinə əlavə edilir. Bu maddə “İşçilərin iş yerinin və orta əmək haqqının saxlandığı hallar” adlanır. Çox təəssüf ki, əvvəlki illərdə adamların da, müəssisənin də maşınlarını götürürdülər, amma əmək haqqı saxlanılmırdı. Bu çox narahat məsələ idi. Əsasnamənin tətbiqi ilə bağlı olaraq Əmək Məcəlləsinə çox önəmli bir əlavə edilir. 179-cu maddənin “g” bəndində işçilərin iş yerinin və orta əmək haqlarının saxlandığı hallara, eyni zamanda, hərbi-nəqliyyat vəzifəsinin yerinə yetirilməsi ilə əlaqədar ezam olunduğu halları da əlavə edirik. Xahiş edirəm, buna səs verəsiniz. Bizim komissiya bu məsələni dəstəkləyir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. “Hərbi-nəqliyyat vəzifəsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar cənab Prezident tərəfindən İnzibati Xətalar Məcəlləsinə iki maddənin əlavə edilməsi təklif olunur. Bunlar 356-1.1 və 356-1.2-ci maddələrdir.
Cənab Sədr, sonradan İnzibati Xətalar Məcəlləsi ilə bağlı məsələlər olacaq deyə bir neçə fikrimi diqqətinizə çatdırmaq istəyirəm ki, mübahisələr yaranmasın. İnzibati Xətalar Məcəlləsi ilə qorunan ictimai münasibətlərə qəsd edilməsi və hüquqazidd əməllər bütövlükdə inzibati xəta hesab edilir. İnzibati Xətalar Məcəlləsində inzibati xətaya görə cərimənin ən yüksək hədləri müəyyən edilib. Fiziki şəxslər üçün şərti maliyyə vahidinin 40 misli, vəzifəli şəxslər üçün 90 misli, hüquqi şəxslər üçün isə 300 misli nəzərdə tutulur. Yəni bunlar ən maksimum hədlərdir. Xətaya münasib olaraq, hesab edirəm ki, maksimum hədlər də kifayət qədərdir. Biz istəsək də, bundan yuxarı hədləri müəyyənləşdirə bilmərik. Digər qanunlara edilən əlavələrdə də bu məsələ ortaya çıxacaq.
Ona görə demək istəyirəm ki, əgər əməl inzibati xəta deyilsə, cinayət əməlidirsə, onda Cinayət Məcəlləsinin müvafiq normaları qüvvəyə minəcək. Bu baxımdan mən istəmirəm ki, növbəti çıxışlarda qarışıqlıq yaransın. Misal üçün, Hərbi-nəqliyyat vəzifəsi haqqında qanunvericiliyin pozulması əməli inzibati xətadır, buna görə də sanksiya nəzərdə tutulub. Məlumat üçün deyə bilərəm ki, hər iki maddədə inzibati qanunvericiliyin müəyyənləşdirdiyi ən yüksək hədd, yəni şərti maliyyə vahidinin 90 mislinədək miqdarda cərimə nəzərdə tutulur. Əgər bu əməl cinayət əməli kimi tövsiyə olunarsa, deməli, vəzifəli şəxs cinayət məsuliyyətinə cəlb olunacaq. Bu məsələləri qarışdırmayaq. Bu, ümumi prinsipdir və uzun illərdir ki, bunu tətbiq edirik. Hesab edirəm ki, bu əmələ görə kifayət qədər ciddi sanksiyadır və qəbul etmək mümkündür. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əgər başqa təklif yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 3
Səs vermədi 1
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr edilməsi barədə qanun layihəsinin müzakirəsinə başlayırıq. Bu məsələyə də Milli Məclisin 3 komissiyasında baxılıb. Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərova söz verilir.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! “Qanın, qan komponentlərinin donorluğu və qan xidməti haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bizim komissiyanın xətti ilə “Hərbi qulluqçuların statusu haqqında” Qanuna əlavələr edilir. 11-ci maddəyə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilir: “Qan və qan komponentlərini vermiş hərbi qulluqçular qan verdikləri gün hərbi xidmətin bütün növlərindən azad olunurlar”. Hesab edirəm, tam normal bir məsələdir. Tibbi, bioloji baxımdan insan qan veribsə, o, bir gün istirahət eləməlidir. Dəyişikliyin mahiyyəti bundan ibarətdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, bu layihə bizim komissiyada da müzakirə olunub. Bu qanunun mahiyyətində donorluğun əvəzsiz, yəni pulsuz olduğunu qoymuşduq. Eyni zamanda, yazmışdıq ki, istisna hallarda bu, pullu da ola bilər. Bununla bağlı olaraq biz Əmək Məcəlləsinin 104-cü maddəsinə 3-cü bənd əlavə etmişik: ”Hər dəfə qan və ya qan komponentlərini pulsuz (əvəzsiz) verən donorlara orta əmək haqqı saxlanılmaqla əlavə istirahət günü verilir. Həmin istirahət günü donorun arzusu ilə onun illik məzuniyyətinə əlavə edilə və ya il ərzində istənilən vaxtda istifadə edilə bilər.” Yadınızdadırsa, sovet dövründə də qan donorluğu ilə bağlı məcəllədə belə bir maddə var idi. Mən hesab edirəm, bu, sosial müdafiəni gücləndirən maddədir və bizim komissiya buna birmənalı olaraq müsbət səs verib. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, “Qanın, qan komponentlərinin donorluğunun və qan xidməti haqqında” qanunvericiliyin pozulmasına görə cənab Prezident tərəfindən tamamilə düzgün olaraq inzibati məsuliyyət növləri təklif olunur. İnzibati Xətalar Məcəlləsinin 63-1-ci maddəsinə üç yeni maddə əlavə olunur. 63-1.1-ci maddədə donor olmaq istəyən şəxs tərəfindən keçirdiyi və hazırkı xəstəlikləri, həmçinin narkotik maddələr qəbul edib-etməməsi barədə düzgün məlumatın verilməməsinə görə məsuliyyət nəzərdə tutulur. Mən qeyd etmişdim, fiziki şəxslərdə ən yüksək hədd şərti maliyyə vahidinin 40 mislidir. Burada da yüksək həddir – 35 mislinədək cərimə nəzərdə tutulur. Amma istəyirəm, yenə o fikrə qayıdım ki, biz gərək qarışdırmayaq, əgər kimsə bilərəkdən xəstəliyin yayılması ilə bağlı bu əməli törədirsə, bu, artıq cinayət əməlidir və buna Cinayət Məcəlləsinə görə baxılacaq. Burada söhbət inzibati xətadan gedir. Hesab edirəm ki, nəzərdə tutulan sanksiyalar bu əməllərə uyğundur və ona görə də qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Qənirə xanım, buyurun.
Q. Paşayeva. Oqtay müəllim, əlavələri dəstəkləyirəm, amma bir məsələni diqqətinizə çatdırmaq istəyirəm. Bu məsələ də səhiyyəyə aiddir. Bütün millət vəkilləri mənimlə razılaşarlar ki, ən çox müraciətlər səhiyyə ilə bağlıdır. “Tibbi sığorta haqqında” Qanun səhiyyənin maliyyələşməsinin ən böyük və vacib qoludur. Prezident 2005-ci ilə qədər buna veto qoymuşdu. Amma artıq 2006-cı ildir və bu günə qədər hökumətdən bir xəbər gəlmir. Bununla bağlı hansı hüquqi normativ sənədlər var? Bu məsələ öz həllini tapmalıdır, çünki tibbi sığortanın işləmədiyi bir ölkədə səhiyyəni idarə etmək çətin məsələdir.
Bilirsiniz ki, Prezident də son müşavirəsində bu sahəyə diqqət yetirdi və dedi ki, tamamilə dağılan bir sahəni yenidən diriltməliyik. Amma bu diriltmə tibbi sığortasız mümkün deyil. Bütün dünyanın təcrübəsi bunu göstərir. Mən çox xahiş edirəm ki, bu məsələ yenidən gündəliyə çıxarılsın, çünki çox vacib məsələdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.48 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 2
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqındadır. Qanun layihəsi barədə Ziyafət Əsgərov məlumat verəcək.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Burada 4 qanuna əlavə və dəyişikliklərdən söhbət gedir. Ona görə də geniş şəkildə məlumat vermək istəyirəm. Hörmətli deputatlar, bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali baş komandanı cənab İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbi qulluqçuların sosial müdafiəsinin genişləndirilməsi istiqamətində məqsədyönlü siyasət aparılır. Bunun bariz nümunələrindən biri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 23 yanvar tarixli sərəncamıdır. Həmin sərəncama görə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının hərbi rütbəyə görə maaşları 2006-cı il yanvarın 1-dən 2 dəfə artırılmışdır.
Eyni zamanda, qeyd olunmalıdır ki, adı çəkilən sərəncamda sosial müdafiə yönümlü 5 məsələnin həlli nəzərdə tutulub. Bura həm hərbi qulluqçuların maaşları, həm ipoteka qaydasında mənzil almaları, həm də bu ildən Müdafiə Nazirliyinin büdcəsində hərbi qulluqçular üçün ev tikilməsi və onlara verilməsi aiddir. Dəyişikliklər və əlavələr “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanunu, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu və Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamə ilə bağlıdır.
Hərbi xidmətkeçmə ilə bağlı problemlər, onların həll edilməsi, əlbəttə ki, günün tələbidir. Müzakirənizə təqdim olunan əlavə və dəyişikliklər məhz hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi, silahlı qüvvələrimizin daha da möhkəmləndirilməsi istiqamətində görülən işləri sürətləndirmək məqsədi daşıyır.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə 7-ci bəndin əlavə edilməsi nəzərdə tutulur. Belə ki, bu bənddə hərbi qulluqçulara (müddətli həqiqi hərbi qulluqçularından başqa) hər il növbəti məzuniyyətə çıxarkən onlara əlavə olaraq bir aylıq vəzifə maaşı məbləğində pul təminatının verilməsi təklif olunur. Hörmətli deputatlar, nəzərinizə çatdırmaq istəyirəm ki, hazırda qüvvədə olan qanunda bu güzəşt yoxdur. Amma biz bu dəyişikliyi və əlavələri etsək, hər il hərbi qulluqçular növbəti məzuniyyətə çıxarkən əlavə olaraq bir aylıq vəzifə maaşı həcmində pul təminatı alarlar.
Qanun layihəsində başqa bir məsələ - hərbi qulluqçuların və onların ailə üzvlərinin mənzillə təmin olunması, onlar üçün yaşayış sahələrinin və xidməti mənzillərin tikintisi ilə bağlı vəsaitin ayrılması nəzərdə tutulmuşdu. Bundan başqa qanunvericiliyin tələblərinə görə hərbi qulluqçulara onların ailəsi mənzillə təmin olunana qədər müvəqqəti mənzilin kirayəsi üçün pul kompensasiyası ödənilir. Bu da yenilikdir. Lakin bildiyiniz kimi, hal-hazırda mənzil kirayəsinin ödənilməsi üçün verilən pul çox azdır. Təklif olunur ki, bunun da miqdarı artırılsın.
Mən mövcud vəziyyəti sizə demək istəyirəm. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1992-ci il 17 may tarixli 271 saylı qərarının 9-cu bəndinə görə mənzil kirayəsinə görə hərbi qulluqçulara verilən pul kompensasiyasının məbləği Bakı şəhərində bir sutkada 1700 manat, başqa şəhərlərdə və rayon mərkəzlərində 1200 manat, digər yaşayış məntəqələrində isə 1000 manat müəyyən edilmişdir. Eyni zamanda, hərbi qulluqçularla birlikdə yaşayan hər bir ailə üzvünə yuxarıda göstərilən pul kompensasiyasının 25 faizi həcmində əlavə ödəniş edilir. Ona görə də “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 1-ci bəndində pul kompensasiyasının minimum məbləğinin şərti maliyyə vahidinin 25 misli səviyyəsindən az olmayaraq müəyyən edilməsi təklif olunur.
“Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanununun 28-ci maddəsinə təklif olunan əlavə də həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin mənzillə təmin olunma hüququnun həyata keçirilməsi ilə bağlıdır. Belə ki, təklif olunan əlavədə hərbi qulluqçuların ailələrinə onların uşaqları yetkinlik yaşına çatanadək mənzil kirayəsi üçün kompensasiyanın ödənilməsinin davam etdirilməsi nəzərdə tutulur.
Hərbi qulluqçuların hərbi, texniki və ixtisas biliklərinin təkmilləşdirilməsi, xidməti vəzifələrinin icrası zamanı məsuliyyət hissinin artırılması, habelə yetkin komandir heyətinin formalaşdırılması məqsədi ilə hərbi rütbələrdə olma müddətinin uzadılması məqsədəmüvafiqdir və hal-hazırda bu, prioritet məsələlərdən biridir.
Bir sıra xarici dövlətlərin silahlı qüvvələrində hərbi rütbədə olma müddəti ilə orduda xidmət müddəti arasında sözsüz ki, birbaşa əlaqə vardır. Məsələn, Böyük Britaniya ordusunda hərbidə olma müddəti kapitan üçün 3 il, mayor üçün 3 il, polkovnik-leytenant üçün isə 4 il müəyyən edilir. Qeyd edilməlidir ki, belə praktikanın tətbiqi bir sıra xarici dövlətlərin silahlı qüvvələrində öz müsbət nəticəsini vermişdir. Məlumdur ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin say tərkibi ABŞ, Böyük Britaniya qüvvələrinə nisbətən çox kiçikdir. Buna görə ordumuzda xidmət keçən hərbi qulluqçuların hərbi rütbədə olma müddətlərinin artırılması düzgün fikirdir. Əks halda, qısa müddət ərzində polkovnik-leytenant hərbi rütbəsini almış zabit faktiki olaraq perspektivsiz sayılır, onun bundan sonra xidmət etməyə heç bir stimulu qalmır.
Göstərilənləri nəzərə alaraq “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsində və “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 45-ci maddəsində nəzərdə tutulmuş cədvəllərdəki hərbi rütbədə olma müddətinin uzadılmasının zəruriliyi təklif olunur. Həmin cədvəl sizə paylanan layihədə var. Beləliklə, hərbi rütbədə olma müddəti bütövlükdə 5 il artırılır. Hər bir zabit üçün yox, bütünlükdə 5 il artırılır.
Hərbi rütbədə olma müddətlərinin artırılması öz növbəsində həqiqi hərbi xidmətdə olmağın son yaş həddinin dəqiq müəyyən olunmasını şərtləndirir. Bunun üçün “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “b” bəndində dəyişiklik edilməsi nəzərdə tutulur. Belə ki, adı çəkilən normaya əsasən xidmət illərinə görə pensiya alma hüququnu əldə etmək üçün şəxs xidmətdən yaşa görə buraxılmalı və bunun üçün 50 yaşı tamam olmalıdır. Lakin yaşa görə buraxılmanın son yaş hədləri ilə əlaqəli olduğunu, habelə hərbi xidmətə qəbulun 35 yaşa keçirilməsini və hərbi qulluqçunun pensiya almaq hüququnun 20 təqvim ili xidmət etdikdən sonra qazandığını nəzərə alaraq bu həddin 50 yaş səviyyəsində müəyyən edilməsi düzgün deyil.
Söhbət nədən gedir? Biz bu il hərbi qulluqçuları orduya 35 yaşından qəbul edirik və 50 yaşında da pensiyaya buraxırıq. Belə olan vəziyyətdə, - cənab general mənim fikrimi təsdiqləyər, - 12 il 6 ay staj yığmaq məsələsi şübhə altına qoyulur. Ona görə də burada 12 il 6 ay staj yığmaq üçün və eyni zamanda, gələcəkdə pensiya alan hərbi qulluqçunun normal şəraitini təmin eləmək üçün yaşın 3 il artırılması nəzərdə tutulub. 35 yaşında həqiqi hərbi xidmətə qəbul edilmiş şəxsin pensiya almaq üçün 20 təqvim ili xidmət eləməsi və ya onun 12 il 6 ay müddətində hərbi xidmətdə olması artıq “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanuna müvafiq olaraq onun pensiya ilə təmin edilməsini mümkün edəcəkdir. Ona görə də 12-ci maddənin “b” bəndindən “50 yaş” sözlərinin çıxarılması təklif olunur. Hesab edirəm, bu, tamamilə qanunamüvafiqdir. Məhz bundan sonra yaş həddinin dəqiq müəyyən edilməsi mümkün olacaqdır.
Bu halda ən məqsədəuyğun variant 47,5 ildir. Ona görə də “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsində dəyişikliklərin edilməsi təklif olunur. Belə ki, təklifə görə həmin hədd kiçik zabitlər və baş zabitlər, polkovnik-leytenant hərbi rütbəsi daxil olmaqla 48 yaş səviyyəsində müəyyən edilir. Digər kateqoriyalar, məsələn, polkovniklər üçün isə 63 yaş nəzərdə tutulur. Yəni son yaş həddinin 3 il artırılması təklif olunur.
Eyni zamanda, “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinin dördüncü hissəsinə də dəyişiklik təklif olunur. Belə ki, “zabitlər, gizir və miçmanlar, müddətdən artıq hərbi xidmət qulluqçuları həqiqi xidmətdə olmağın son yaş həddinə çatdıqda xidmət illərinə görə pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə həqiqi hərbi xidmətlərini bu hüququ əldə edənə qədər davam etdirə bilərlər”. Hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələrində 1990-cı illərdə ehtiyatdan çağırılmış zabitlər və gizirlər xidmət edirlər. Qanunda ediləcək bu dəyişiklik həmin kateqoriyaya mənsub olan şəxslərin hüquqi müdafiəsini, onların öz arzuları ilə pensiya almaq hüququnu əldə edənədək həqiqi hərbi xidmətdə qalmalarını təmin edəcəkdir.
“Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə edilən bu dəyişikliklər mövcud qanunvericiliyin buna uyğunlaşdırılmasını şərtləndirir. Bu məqsədlə “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 13-cü maddəsində nəzərdə tutulmuş son yaş həddinin dəyişdirilməsi təklif olunur. Bu dəyişikliklər hazırkı qanun layihəsində nəzərdə tutulub. “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 14-cü maddəsinin birinci hissəsinin ikinci cümləsinə edilmiş dəyişiklik qərar qəbul edilməsi zamanı yol verilən subyektivizm hallarının da aradan qaldırılmasına köməklik göstərəcəkdir.
Əsasnamənin 45-ci maddəsinin üçüncü hissəsinə verilən təklif hal-hazırda Azərbaycan Respublikasının Silahlı Qüvvələr sistemində təlim-tədris mərkəzinin fəaliyyət göstərməsi ilə əlaqədardır. Belə ki, bu mərkəz fəaliyyət göstərməzdən öncə hərbi dəniz ixtisası üzrə ali hərbi məktəbi bitirmiş zabit 5 il təhsil alırdısa, onun leytenant hərbi rütbəsində olma müddəti bir il idi. Eləcə də, 4 il ali hərbi təhsil almış zabit 2 ildən sonra leytenant hərbi rütbəsi ala bilərdi. Lakin hal-hazırda ixtisasından və təhsil müddətindən asılı olmayaraq, bütün hərbi qulluqçular ali təhsillərini başa vurduqdan sonra bir il müddətində adı çəkilən mərkəzdə təhsil alır və bununla da leytenant rütbəsində olma müddəti hərbi qulluqçular üçün - aviasiyanın uçuş heyəti və sualtı gəmilərdə xidmət edən hərbu qulluqçular istisna olmaqla, eyni müəyyən edilir.
Hörmətli deputat həmkarlarım, mən çalışdım ki, bu dörd qanun layihəsində nəzərdə tutulan əlavə və dəyişikliklərin mahiyyətini sizə çatdırım. Hesab edirəm ki, bütün bunlar həm pensiya təminatı, həm mənzillə təmin olunma, həm də digər sosial müavinətlərin ödənilməsi nöqteyi-nəzərindən hərbi qulluqçuların statusunun möhkəmləndirilməsinə yönəldilmiş tədbirlərdir. Əgər suallar olacaqsa, cavab verə bilərik. Müdafiə Nazirliyinin nümayəndələri də iclasda iştirak edirlər. Mən sizi bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Saat 4-ə kimi fasilə elan olunur. Fasilədən sonra qanun layihəsinin müzakirəsinə başlayacağıq.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, qanun layihəsinin müzakirəsini davam etdiririk. Bu qanun layihəsinə Sosial siyasət daimi komissiyasında baxılmışdır. Komissiya sədri Hadi Rəcəbliyə söz verək, sonra da müzakirəyə başlayaq.
H. Rəcəbli. Minnətdaram, cənab Sədr. Bizim komissiya da bu layihəni müzakirə eləyibdir. Komissiyada biz iki qanuna diqqət yetirmişik. Biri “Hərbi qulluqçuların statusu haqqında” Qanundur, digəri isə “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Qanundur. Birinci qanunda 4 halda hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi elementləri var. Birincisi, məzuniyyətə çıxarkən bir aylıq təminatın verilməsidir. İkincisi, mənzil kirayəsi ilə bağlı məsələdir. Üçüncüsü, dövlətin mənzil tikintisinin öz üzərinə götürməsidir. Dördüncü məsələ isə hərbi qulluqçuların uşaqları yetkinlik yaşına çatana qədər kirayə üçün kompensasiyanın ödənməsidir.
Digər məsələ pensiya yaşının qaldırılmasıdır. Buna görə başqa maddələrdə dəyişiklik edilir. Bütövlükdə 50 yaş məsələsi bir az məhdudiyyət yaradırdı, pensiya məsələsinə maneçilik törədirdi. Bütövlükdə bunlar hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan addımlardır. İndiki dövrdə çox məqbul layihədir və deputat həmkarlarımı bu əlavələrə və dəyişikliklərə səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxışlara başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu qanunda ciddi dəyişikliklər edilməsinə ehtiyac var. Ümumiyyətlə, bu kimi problemləri bir daha əhatəli şəkildə təhlil eləyərək gələcəkdə nöqsan sayıla biləcək bir çox məsələləri həll etməliyik.
Düşünürəm ki, Azərbaycan ordusunda hərbi qulluqçuların yaş həddi 3 il artırılsa belə, əslində, bu hədd də keçmiş sovet ordusunda olan yaş həddindən azdır. Amma Azərbaycan ordusunun bir spesifikliyi var. Rusiya və Türkiyə ordularından fərqli olaraq bizdə hüquq mexanizmləri kifayət qədər yaxşı işləmədiyinə görə bu yaş həddinin artırılması, əslində, hərbi qulluqçuların tam marağını ifadə eləmir. Nə baxımdan? Mən öz təcrübəmdən deyirəm, hüquq mexanizminin yaxşı işləməməsi nəticəsində çox sayda zabitlər bu vaxtın tez başa çatmasını, ordudan tərxis olunmasını gözləyirlər. Təsəvvür eləyin ki, Türkiyədə hərbi qulluqçu 3 ildən artıq eyni hissədə xidmət eləmir. Azərbaycanda isə qəribə bir təzad var. Ordunun bir qrup imtiyazlı şəxsləri ancaq Bakı şəhərində və Azərbaycanın dilbər guşələrində xidmət eləyirlər. Digər bir qrup isə 10 il eyni səngərdə, eyni hərbi hissədə xidmət eləyir. Bu nə deməkdir? Ailə və səhhət problemləri, başqa məsələlər onun həyatına ciddi şəkildə təsir eləyir.
Burada ildə bir dəfə məzuniyyət verilməsi məsələsi qoyuldu. İnanın ki, döyüş bölgəsində olan zabitlərin böyük əksəriyyəti vaxtlı - vaxtında məzuniyyətə getmək imkanından məhrumdurlar. Bu məsələlər heç bir hüquqi sənədlə ciddi şəkildə tənzimlənmir. Ona görə də 6-7 il eyni döyüş bölgəsində olan insanlar məcburdurlar ki, ailələrini qeyri-qanuni şəkildə ora gətirsinlər, ev tutub, saxlasınlar. Amma onlara kompensasiya ödənilmir. Qanunvericilikdə bu məsələlərin nəzərə alınması ona görə vacibdir ki, Azərbaycan ordusunda qalmaq, xidmət eləmək həm hamı üçün şərəf, həm də bir imtiyaz sayılsın. Amma bu hüquq mexanizminin yaxşı işləməməsi nəticəsində onlarla zabit ordudan tərxis olunma vaxtını gözləyir və müxtəlif vasitələrlə yollar axtarır ki, oradan uzaqlaşsınlar. Burada mühüm dəyişikliklər var. Zabitlər, gizir və miçmanlar hərbi xidmətdə olmağın son yaş həddinə çatdıqdan sonra pensiya hüququ əldə etmirlərsə, öz arzuları ilə ordu sıralarında qala bilərlər. Bu, olduqca yaxşı bir müddəadır. Bunu qəbul eləmək vacibdir, bu, pensiya hüququnun əldə edilməsi üçün onlara əlavə imkan yaradır.
Digər bir məsələyə toxunmaq istərdim. Tez-tez fəxr eləyirik ki, büdcədən müdafiə xərcləri üçün ayrılan vəsait yüksək səviyyədədir, 16 faizdən artıqdır. Əslində, bu, fəxr eləyəcəyimiz bir mövzu deyil. Biz mütləq gələcəkdə Müdafiə Nazirliyinin tabeliyində olan hərbi məktəbləri, idman bazalarını, hərbi tabeçilik qaydasını saxlamaqla, bələdiyyələrin, Təhsil Nazirliyinin, Mədəniyyət və Turizm Nazirliyinin balansına verməliyik ki, gələcəkdə militarist dövlət kimi görünməmək üçün büdcədən ayrılan vəsaitin çox şişirdilməsinə nail olmayaq. Yəni büdcədən daha çox vəsait həqiqi müdafiə xərclərinə ayrılsın. Hansısa məktəblərin sayını çox göstərməklə biz hər hansı bir şəkildə özümüzə xeyir vermirik. Sabah beynəlxalq təşkilatlar tərəfindən bizə kifayət qədər ciddi irad bildirilə bilər. Biz bunu mütləq nəzərə almalıyıq. Mən hesab edirəm ki, bu müddəalar nəzərə alınmalıdır, 45 yaş, yaxud 48 yaş verilirsə, könüllülük imkanı verilməlidir. Burada öz arzusuna görə orduda qalma imkanını müəyyən eləyən son yaş həddi təsbit olunmalıdır. Yəni 48 yaşdırsa, 48 yaşdan, sonrakı müddətə də 50 yaşa qədər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, cənab Sədr. Mən Azərbaycan hərbçilərinin sosial müdafiəsinə yönələn hər hansı bir təşəbbüsün müdafiə olunmasının tərəfdarıyam və bu istiqamətdə hansı qanunvericilik təşəbbüsü ediləcəksə, mövqeyimiz müsbət olacaqdır. Biz bu istiqamətdə atılan addımlara səs verəcəyik.
Məndən əvvəl danışan Fazil bəyin bilavasitə hərbi xidmətdə olan zabit kimi hərbçilərin sosial problemləri haqqında kifayət qədər məlumatları vardır. Amma çox ciddi məsələlər var ki, zaman-zaman Milli Məclis bu məsələlərə qayıtmağa məcbur olacaqdır. Birinci növbədə hərbçilər Azərbaycan cəmiyyətində, - mən yalnız öz fikrimi ifadə eləmirəm, Azərbaycanın bir sıra siyasi dairələrinin də belə bir fikri var, - ən imtiyazlı bir təbəqəyə çevrilməlidir. O cümlədən Azərbaycan ordusunda qulluq edən, xidmət eləyən vətəndaşlarımız ən imtiyazlı, sosial cəhətdən ən təminatlı təbəqəyə çevrilməlidirlər.
Heç cür başa düşülmür ki, Azərbaycanın müharibə şəraitində olduğu, faktiki olaraq təcavüzə məruz qaldığı bir vaxtda cəbhədə, səngərdə olan Azərbaycan zabiti paytaxtda xidmət edən, məsələn, çevik polis alayındakı analoji zabitdən, yaxud da Prezident Qvardiyasında xidmət edən hansısa vətəndaşdan az maaş və az pensiya alsın. Bizə müxtəlif müraciətlər olmuşdur. Mən bu barədə bir arayış hazırlayıram və bunu Milli Məclisə təqdim edəcəyəm. Bir daha təkrar eləyirəm, onlar paytaxtda, isti yerlərdə xidmət eləyən, məsələn, hökuməti müxalifətdən qoruyan polisdən az maaş və az pensiya alırlar. Bu məsələlərə son qoyulmalıdır.
Eləcə də, mənzil təminatı məsələsində burada ümumi qaydalar müəyyən edilmişdir. Dövlət büdcəsindən hərbçilər üçün, orduda xidmət edən şəxslər üçün mənzil tikintisinə start verilməsi çox yaxşı və mühüm bir məsələdir. Ümumiyyətlə, bu istiqamətdə bir dövlət proqramı qəbul edilsin və həm xidmət eləyən, həm də istefada olan zabitlərimizin mənzilə ehtiyacı olmasın. Həqiqətən, zabitlərimizin mənzillə təminatı sahəsində vəziyyəti olduqca acınacaqlıdır.
Hörmətli millət vəkilləri, mən orduya aid məsələlərdə iqtidar-müxalifət mövzusunun ortalığa gəlməsinin qəti əleyhdarlarından biriyəm. Amma mən çox istəyirəm ki, dediklərim hansısa bir müxalif mövqe kimi dəyərləndirilməsin. Bir sıra hərbi hissələrdə yaşayan və xidmət eləyən zabitlərimizin ya özlərinin, ya da ailələrinin oradakı ticarət məntəqələrindəki borc kitablarında adları vardır. Bütün bunlar aradan qaldırılmalıdır. Mən son dövrdə dövlət büdcəsindən hərbi xərclərə ayrılan vəsaitin artırılmasının tərəfdarıyam. Ayrılan vəsaitin təyinatı üzrə xərclənməsində hamımız maraqlıyıq. İstər dövlət orqanlarının, istərsə də səlahiyyətlərimiz çərçivəsində Milli Məclisin xətti ilə bu sahədə monitorinq aparılmasının və bu vəsaitin, həqiqətən, hərbi hissələrimizə və orduya xərclənməsinin araşdırılmasının tərəfdarıyam. Bir daha təkrar eləyirəm, elə etmək lazımdır ki, Azərbaycan zabiti, heç olmasa, MDB ölkələri arasında ən yüksək maaş alan zabit, ən yüksək pensiya təminatı olan hərbi qulluqçu olsun ki, sabah vətən, torpaq uğrunda ölümə getməyə hazır olsun. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də bu qanun layihəsi ilə razıyam. Mənim həmkarlarım çıxış elədilər, həqiqətən də, silahlı qüvvələrə büdcədən lazımi qədər vəsait ayrılıb. Yoldaşlar bilsinlər ki, bizim zabitlərin əmək haqqı, rütbə maaşları artırılıb. Deyildiyinə görə, Allah qoysa, iki-üç aydan sonra onların əmək haqqı yenə də artırılacaqdır.
Yaşla əlaqədar mən də bir kəlmə demək istəyirəm. Həqiqətən də, 1992-ci ilə qədər qəbul olunan qanunda azaldılmışdı, 45 yaş olmuşdu. İndi bu, artırılır. Bu, təqdirəlayiq bir işdir. Mən də qanun layihəsini təqdir edirəm və buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən təqdim edilmiş qanun layihəsini müsbət dəyərləndirirəm və fikrimi həm də onunla əsaslandırmaq istəyirəm ki, bu qanun layihəsini cənab Prezident təqdim edib. Bu bir daha göstərir ki, ölkə Prezidenti hərbi quruculuq məsələlərinə xüsusi əhəmiyyət verir, xüsusi diqqət yetirir. Bu gün 3 qanun layihəsinin Milli Məclisə təqdim olunması dediyimi birmənalı şəkildə təsdiq edir.
“Hərbi qulluqçuların statusu haqqında” Qanunda edilən dəyişikliklər mənim diqqətimi xüsusilə cəlb eləyib. Burada hərbi qulluqçulara məzuniyyətə çıxarkən bir aylıq vəzifə maaşının verilməsi, hərbi qulluqçuların yaşayışı ilə bağlı problemlərin həllində məsələnin konkretləşməsi diqqəti cəlb eləyir. Lakin diqqətə çatdırmaq istəyirəm ki, bu məsələdə müəyyən problemlər mövcuddur. Biz gələcəkdə dövlət büdcəsini müzakirə edən zaman hökmən nəzərə almalıyıq ki, hərbi qulluqçuların yaşayış səviyyəsi xüsusi olaraq önəmlidir.
Bu məsələdə problemlər mövcuddur. Təkcə ona görə yox ki, hərbi qulluqçuların yaşadığı və fəaliyyət göstərdiyi hərbi hissələrdə dünya standartlarına cavab verə biləcək kazarmalar, yaşayış yerləri və sairə yoxdur. Bunlar müəyyən dərəcədə həll olunmaq üzrədir və ümidvaram ki, yaxın zaman kəsiyində o problemlərin həllində ciddi irəliləyişlər olacaq və hərbi hissələrin ərazisində zabitlərə dünya standartlarına uyğun şərait yaradılacaqdır. Məsələnin başqa bir tərəfi var. Bu da ondan ibarətdir ki, hərbi qulluqdan tərxis olduqdan sonra zabitlərin mənzil problemi qalır. O nə qədər ki hərbi hissədə qulluq eləyir, hərbinin vermiş olduğu imkanlar daxilində mənzillə təmin olunur. Bu adam pensiyaya çıxdıqdan sonra artıq onun mənzil problemi bir nömrəli vəzifə olaraq qalır.
Heç şübhəsiz ki, bu, çox ciddi məsələdir. Bu, son dərəcə ciddi məqamdır və zabitlərin işində müəyyənləşdirici stimuldur. Hörmətli Ziyafət müəllim, Siz komissiyanın sədri kimi bu məsələnin gələcəkdə müzakirəyə çıxarılmasında çox maraqlı olmalısınız və ümidvaram ki, millət vəkilləri də bu məsələni diqqət mərkəzində saxlayacaqlar. Mənə tərxis olunmuş zabitlərdən xeyli müraciətlər var. Bu müraciətlərin əsasını onların mənzil problemi təşkil edir. Ona görə istərdim və arzulayardım ki, gələcəkdə bu problemin həlli ilə bağlı konkret addımlar atılsın.
Ölkə Prezidentinin hərbiyə verdiyi diqqət bizim üçün bəllidir. Bu il dövlət büdcəsindən hərbi xərclər üçün xeyli vəsait ayrılıbdır, bu, gələcəkdə də artırılacaqdır. Biz gələcəkdə müəyyən məqamda büdcəyə əlavələr və dəyişikliklər etmək məsələsi üstündə dayananda gərək hərbçilərin sosial problemlərinin həlli üçün vəsaitin artırılması təşəbbüsü ilə çıxış eləyək. Bu gün hərbçilərin maaşları arzu olunan səviyyədə deyil. Söhbət zabitlərdən gedir. Hər halda elə etmək lazımdır ki, zabitlərin əmək haqqı indikindən xeyli çox olsun. Ola bilməz ki, adi bir dövlət məmurunun maaşı polkovnik rütbəsi daşıyan zabitin maaşından 5 dəfə artıq olsun. Təbii ki, bu, qəbul olunan deyil, buna fikir verməliyik. Bütövlükdə mən təqdim edilmiş qanun layihəsini müsbət dəyərləndirirəm və buna səs verəcəyəm. Dəyərli millət vəkillərini də bu qanuna səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab sədr, hörmətli millət vəkilləri! Mən də düşünürəm ki, bu qanun layihəsi bütövlükdə Azərbaycan ordusunun, Azərbaycan əsgərinin sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan növbəti addımdır. Həqiqətən, bu gün bizim bir cəmiyyət, bir ictimaiyyət, bir dövlət olaraq qarşımızda duran ən böyük vəzifələrdən biri ondan ibarət olmalıdır ki, Azərbaycan əsgəri bu gün, sözün əsl mənasında, qürur mənbəyinə çevrilsin və hər bir şəxs böyük fəxarət hissi ilə orduda qulluq edərək dövlətinə, millətinə sədaqətlə xidmət etsin. Burada deyildiyi kimi, həm bizim hərbiyə ayırdığımız vəsaitin günü-gündən artması, həm də hərbçilərimizin sosial vəziyyətinin yaxşılaşdırılması çox aktualdır və bunu alqışlamaq lazımdır. Bu nöqteyi-nəzərdən mən də bu layihəyə səs verəcəyəm və dəstəkləyəcəyəm.
Bununla yanaşı, hörmətli Müdafiə Nazirliyinin nümayəndələrinin burada iştirakından istifadə edib bir neçə məsələyə diqqətinizi cəlb etmək istəyirəm. Bu gün mənə müraciət edən hərbçilər, xüsusi ilə tərxis olunmuşlar iki əsas məsələni vurğulayırlar. Biri ondan ibarətdir ki, vaxtı ilə xidməti mənzillərə sahib olmuş hərbçilər tərxis olunduqdan sonra bu imtiyazı itirmiş olurlar. Qanunvericilikdə bununla bağlı müddəa olsa da, bəzən görürsən ki, bu, praktikada lazımi səviyyədə öz həllini tapmır. Mən çox istərdim ki, Müdafiə Nazirliyinin hörmətli təmsilçiləri millət vəkillərinin bu barədə göndərdiyi sorğulara diqqətlə yanaşsınlar. İkinci vurğulamaq istədiyim məsələ yenə də tərxis olunmuş zabitlərlə bağlıdır. Onlar tərxis olunduqdan sonra əsgər pullarını ala bilmirlər. Mənə göndərilən müraciətin birində deyilir ki, mayor rütbəsində olan bir şəxs 8 ildir ki, ona çatacaq əsgər pullarını ala bilmir. Düşünürəm ki, bu da Azərbaycan ordusunda xidmət etmiş insanların zəhmətinə və bütövlükdə onların xidmətinə bir növ qeyri-adekvat münasibətdir.
İstərdim ki, deputat həmkarlarımız da davamlı şəkildə orduya, əsgərlərimizə diqqəti artırsınlar. Ordu bütövlükdə həm parlamentin, həm də ictimaiyyətin diqqətində olan çox mötəbər bir qurumdur. Bütün dünyada “ictimai nəzarət” deyilən bir termin var, bu həm də orduda təsbit olunmaqdadır. Ona görə də bu cür halların qarşısının alınması üçün millət vəkilləri də parlamentdə çox fəal olmalıdırlar. Yekun olaraq bir daha düşünürəm ki, bu layihə gələcəkdə bizim ordumuzun güclənməsinə, onun strukturlarının daha da təkmilləşməsinə, o cümlədən orduda xidmət edənlərin sosial vəziyyətinin yaxşılaşmasına xidmət edəcəkdir. Mən də məmnuniyyətlə öz həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi hərbçilərin sosial vəziyyətinin yaxşılaşmasına çox müsbət təsir göstərəcəkdir. İldə bir dəfə pul təminatı, mənzillə təmin olunma, mənzilin kirayə haqqının dövlət tərəfindən ödənilməsi və digər sosial məsələlər bu qanunda öz müsbət həllini tapmışdır. Hərbçiləri ən çox narahat eləyən məsələlərdən biri yaş həddi ilə əlaqədar idi. İndi bu yaş həddi 3 il artırılır, yəni 48-53 yaş həddinə çatdırılır. Bu da bir sıra yüksək rütbəli zabitlərin orduda qalıb işləməsi üçün böyük zəmin yaradır.
Mən bir məsələyə toxunmaq istərdim, Pənah bəy də bu barədə danışdı. Hazırda hərbçilərin maaşları olduqca aşağıdır. Hətta hüquq mühafizə orqanlarında işləyən zabitlərlə onların vəzifə maaşları eyni səviyyədədir. Düzdür, cənab Prezident bu yaxınlarda sərəncam verdi və Müdafiə Nazirliyinə tapşırdı ki, onların maaşları ilə əlaqədar təkliflərini 3 ay müddətində hazırlayıb versinlər. Belə hesab edirəm ki, ön cəbhədə fəaliyyət göstərən zabitlərlə arxa cəbhədə işləyən zabitlərin arasında mütləq müəyyən fərq qoyulmalıdır və bu məsələ öz həllini tapmalıdır. Ümumilikdə götürəndə, qanun təqdirəlayiqdir.
Bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Bu məsələni bir neçə dəfə həmkarlarım qaldırdılar. Bu, ildə 4 dəfə çağırışla əlaqədardır. Yaddan çıxarmasınlar ki, əvvəllər əsgərlik 2 il idi, amma indi bir il yarımdır. Onu hesablasalar, görərlər ki, niyə 4 dəfə çağırış olur. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən ilk növbədə, qeyd etmək istəyirəm ki, bu qanunun ideya təşəbbüskarı cənab Prezidentdir. Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, müəyyən problemlər indiyə qədər olub. Ancaq bir müddət öncə cənab Prezidentin təşəbbüsü ilə bu problemin həllindən ötrü müvafiq tapşırıqlar verilib, Müdafiə Nazirliyinin və Prezidentin İcra Aparatının müvafiq qurumları bu qanunlara dəyişiklik edilməsini işləyib hazırlayıblar.
Sözsüz, bu, çox mütərəqqi bir qanundur. Ziyafət müəllim də öz məruzəsində bir neçə misalla bunu qeyd etdi. Mən də bu fikrin davamı olaraq bildirmək istəyirəm, misal üçün, Bakı şəhərində bir ay üçün kirayə pulu 51 min manat idi. Hamıya məlumdur ki, bu, real qiymət deyil. Yəni Bakı şəhərində bu qiymətə mənzil yoxdur. Təklif olunan variantda bu kompensasiyanın məbləği şərti maliyyə vahidinin 25 misli qədər artırılır. Yəni bu məbləğ təxminən 130-140 min manat olur. Əvvəlki variantda onsuz da az olan bu məbləğin 25 faizi ailə üzvü üçün nəzərdə tutulurdu. İndiki variantda isə şərti maliyyə vahidinin 25 mislinin 50 faizi məbləğində nəzərdə tutulur. Bu da təxminən 8 min manat eləyir. Bu məsələyə yanaşmada prinsipial, radikal bir dəyişmə baş verib.
İlk baxışdan həm həqiqi hərbi xidmətdə olmanın son yaş həddinin artırılması, həm də hərbi rütbələrdə olmanın müddətinin artırılması ilə bağlı müxtəlif izahatlar vermək olar. Amma bu sənəd hazırlanarkən dünyanın qabaqcıl ölkələrinin praktikası öyrənilir. Fransa, Latviya və Slovakiyanın praktikaları öyrənilib və faktiki olaraq sistem formalaşıb. Yəni orduya daxil olub xidmət eləməkdən tutmuş ordudan tərxis olmaya qədər qanunverici bir sistem formalaşdırılmışdır. Burada çıxış eləyənlər tamamilə düzgün olaraq qeyd etdilər ki, bu qanun ilk növbədə döyüşən, cəbhədə olan ordunun maraqlarına xidmət eləyir. Əlbəttə, orduda xidmət etmək şərəfli bir vəzifədir və onların müəyyən imtiyazları olmalıdır. Bu, sosial baxımdan dönüş yaradan bir məsələdir.
Eyni zamanda, bir fikri də vurğulamaq istəyirəm. Əlbəttə, biz artıq bu il Azərbaycan ordusunun büdcə imkanlarını böyük fəxrlə qeyd eləyə bilirik. Cənab Prezident də öz çıxışlarında bunu qeyd edib. Biz əminik ki, çox yaxın dövrdə Azərbaycan ordusunun büdcəsi bütövlükdə Ermənistan dövlətinin büdcəsi qədər olacaqdır. Amma eyni zamanda, ölkə Prezidentinin bütün sahələrdə olduğu kimi, bu sahədə də qarşıya qoyduğu tələblər var. Burada söhbət büdcə vəsaitlərinin şəffaf istifadəsindən gedir. Müəyyən hallarda burada pozuntular da baş vermişdir. Təsadüfi deyil ki, bəzi vəzifəli şəxslər buna görə məsuliyyətə də cəlb olunmuşlar. Bu barədə ictimaiyyət məlumatlıdır, məhkəmə prosesləri həyata keçirilmişdir. Cinayət-prosessual qanunvericilikdə biz hərbi prokurorluğun səlahiyyətlərini müəyyən qədər artırmışıq. Bunların hamısı məntiqidir. Düşünürəm ki, qarşıda duran vəzifə ölkənin büdcəsindən müdafiə sisteminə ayrılmış vəsaitin şəffaf xərclənməsidir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Müzakirəyə verilmiş qanun layihəsi çox mütərəqqi bir addımdır. Mənim seçildiyim 15 saylı dairə hərbçilərin sıx yaşadığı bir ərazidir. O zaman da mən cənab Prezidentə hərbçiləri narahat edən bir çox məsələlərlə bağlı müraciət ünvanlamışdım. Çox sevinirəm ki, bu gün cənab Prezident hər zaman olduğu kimi, yenə də ən mühüm məsələlərlə bağlı öz mövqeyini bildirir.
Burada Müdafiə Nazirliyinin nümayəndələri iştirak etdiyi üçün mən bir məsələnin müzakirəyə ehtiyacı olduğunu vurğulamaq istərdim. Bəli, həm hərbi qulluqçularla, həm əmək haqları ilə, həm də digər məsələlərlə bağlı çox böyük irəliləyiş var. Amma bu gün zabitləri narahat eləyən və eyni zamanda, bizim atdığımız ümumi addımlara məntiqi cəhətdən uyğunlaşmayan bir məsələ də var. Mən onun adını rusca deyəcəyəm, çünki Azərbaycan dilində dəqiq hansı terminlə işləndiyini bilmirəm. “Payok” pulu deyirlər, yəni yeməyə görə zabitlərə verilən pul nəzərdə tutulur. Bu vəsait bir neçə il bundan əvvəlki həcmdə qalır. Biz bilirik ki, ərzaq mallarının qiymətləri qalxıb. Ümumiyyətlə, bundan sonra biz “Yaşayış minimumu haqqında” Qanun qəbul etmişik, istehlak səbəti ilə bağlı bir çox məsələlərə yenidən baxmışıq. Amma zabitlərə bu məqsədlə verilən vəsaitin həcmi dəyişməyib.
Mən güman edirəm ki, bu nə Milli Məclisin, nə də Prezidentin İcra Aparatının günahıdır. Sadəcə olaraq, belə başa düşürəm ki, hər halda Müdafiə Nazirliyinə bu məsələ ilə bağlı təklif verilməli idi. Bu təklif bu günə kimi verilmir. Çox istərdim ki, bu məsələ ilə bağlı bir açıqlama veriləydi. Bu məsələ ilə bağlı nə əcəb zamana uyğun şəkildə yeni bir təklif verilmir? Layihəyə səs verəcəyəm. Güman edirik ki, bundan sonra da hərbçilərimizlə bağlı daha mütərəqqi məsələlərə bir daha səs vermək imkanımız olacaqdır. Təşəkkür edirəm.
Sədrlik edən. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, Oqtay müəllim. Bu məsələ bizim komissiyada müzakirə edilib. Komissiyanın bütün üzvləri kimi mən də qanun layihəsinin lehinə səs vermişəm və bunu vacib dəyişiklik hesab edirəm. O baxımdan ki, seçildiyim Mingəçevir seçki dairəsində də seçicilərin böyük qisminin mənim qarşıma qoyduğu məsələlərdən biri ya özlərinin, ya da övladlarının hərbi qulluq problemləri ilə bağlıdır. Mən bu dəyişiklikdən sonra seçicilər qarşısında fəxrlə deyə bilərəm ki, sizin verdiyiniz tapşırıqların böyük bir qismi yerinə yetirildi.
Bu tapşırıqlar nə idi? Birincisi, zabitlərin əmək haqqı məsələsi idi. Onların əmək haqlarının qaldırılması, onlara güzəştlərin edilməsi və sairə. Bu, qanunla həyata keçirilir. Eyni zamanda, cənab Prezidentimizin də vaxtaşırı hərbi qulluqçuların maaşının artırılması ilə bağlı müvafiq göstərişləri olub.
İkinci məsələ isə zabitlərin və hərbi qulluqçuların mənzillə təminatı məsələsi idi. Bu o vaxt deputatlığa namizəd kimi, çox ciddi şəkildə dəfələrlə mənim qarşımda qaldırılırdı. Məni ürəkdən sevindirir ki, artıq zabitlərin mənzillə təmin edilməsi məsələsində radikal dəyişiklik baş verir və bir tərəfdən dövlət hesabına, digər tərəfdən isə güzəştli ipoteka hesabına onları mənzillə təmin etmək olur. Bununla da Azərbaycan xalqı orduya öz diqqətini göstərir.
Azərbaycan Prezidentinin timsalında ordunun inkişafına gündəlik qayğı daim hiss olunur. Cənab Prezidentimizin Bərdə və Tərtərə səfəri, cəbhə xəttinə getməsi, ön xətdə əsgərlərlə, zabitlərlə söhbət etməsi, birbaşa dövlət quruculuğu məsələləri ilə məşğul olması Azərbaycan xalqının diqqətində olan məsələdir. Heç də təsadüfi deyil ki, cənab Prezidentimizin həmin səfəri bu gün Azərbaycandan daha çox qonşu Ermənistanda müzakirə edilir və böyük narahatlıq yaradır. Hesab edirəm ki, bu narahatlıq bundan sonra da, Ermənistan öz iddialarından əl çəkməyənəcən artmaqda davam edəcəkdir.
Ən əsası odur ki, bu gün biz seçicilərimiz qarşısında götürdüyümüz öhdəliklərin bir neçəsini yerinə yetiririk və orduya diqqətdə öz töhfəmizi vermiş oluruq. Mən bunu hiss edirəm, amma bununla belə, öz arzumu bildirmək istəyirəm. Büdcəmiz, gəlirimiz artdıqca, gün-güzəranı yaxşılaşan, əmək haqqı artan təbəqələrin birincisi zabitlərimiz, hərbi qulluqçularımız olsun. Torpaqlarımız düşmən işğalından azad olduqdan sonra da həmişə zabitlər bizim diqqətimizdə olsunlar, hər dəfə bu qayğını hiss etsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu gün Milli Məclisin iclasında Azərbaycan Respublikası müdafiə nazirinin müavini general-leytenant Çingiz Məmmədov və Hüquq idarəsinin rəisi polkovnik-leytenant Rauf Kişiyev iştirak edirlər. Burada bəzi suallar, müraciətlər oldu. Etiraz etmirsinizsə, sualların bəzilərini cavablandırsınlar, sonra qanun layihəsini səsə qoyaq. Buyurun, Çingiz Məmmədov.
Ç. Məmmədov, Azərbaycan Respublikası müdafiə nazirinin müavini.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Silahlı Qüvvələr haqqında dediyiniz xoş sözlərə görə minnətdarlığımı bildirirəm. Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı ordu quruculuğu və hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü siyasət aparır. Təklif olunan qanun layihəsi də məhz Silahlı Qüvvələrin və hərbi qulluqçuların sosial müdafiəsinin möhkəmləndirilməsi məqsədini daşıyır.
Burada millət vəkilləri müxtəlif suallar verdilər. Onları qruplaşdırmaq və ümumi cavab vermək olar. Əvvəla, Gülər Əhmədovanın birbaşa mənə yönəlmiş sualına cavab vermək istəyirəm. Millət vəkili Ziyafət Əsgərov qanun layihəsinin təqdimatında dedi ki, 2006-cı il 23 yanvar tarixində Azərbaycan Respublikası Prezidentinin Hərbi qulluqçuların sosial müdafiəsinin gücləndirilməsi haqqında sərəncamı olub. Burada 5 məsələ qaldırılıb. 5 məsələdən biri də ərzaq əvəzinə kompensasiyanın məbləğinə baxılmasıdır. Yəni belə bir tapşırıq artıq Nazirlər Kabinetinə verilib. Orada göstərilən məsələləri yada sala bilərəm. Yanvarın 1-dən hərbi rütbəyə görə pul təminatı iki dəfə artırılıb, maaşların artırılması barədə təkliflər hazırlanması tapşırılıb. Hərbi qulluqçuların sığorta məsələsinə baxılması tapşırılıb. İpoteka üzrə hərbi qulluqçulara güzəşt və ərzaq kompensasiyasına yenidən baxılsın.
Sonra, siz bilirsiniz ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunda mənzil məsələsi açılıb. Hərbi qulluqçulara xidmət dövründə xidməti mənzil verilir və ya müvəqqəti mənzil üçün kirayə haqqı verilir. Xidmətdən getdikdən sonra isə ona yerli icra hakimiyyəti orqanları 3 ay müddətinə ya mənzil, ya da torpaq payı verməlidirlər. Qanun layihəsində göstərilir ki, mənzil tikintisi üçün Müdafiə Nazirliyinə büdcədən vəsait ayrılsın. İndi təklif olunan qanun layihəsində bu məsələ aydınlaşdırılır. “İpoteka haqqında” Qanuna düzəlişlər edilməsi üçün təkliflər hazırlanır.
Sonra, Fazil Mustafayev dedi ki, hərbi qulluqçular iki qrupa bölünür. Bir qrupu Bakıda, digər bir qrupu isə cəbhədə xidmət edir. Bu düzdür. Amma onlar mütəmadi olaraq yerlərini dəyişirlər, rotasiya edilirlər. Siz bilirsiniz ki, cəbhə bölgəsində ikiqat maaş verilir. Bakıda kirayə haqqı üçün cəmi 50 min manat verilirdi. Bilirsiniz ki, Bakıda kirayə haqqı bundan çox yüksəkdir.
Bundan başqa, hərbi qulluqçunun irəli getməsi üçün onların akademiya təhsili olmalıdır. Amma akademiyaya döyüş bölgəsində xidmət etməyən zabitləri qəbul etmirlər. Ona görə də Bakıda olan zabitlər öz arzuları ilə cəbhə bölgəsinə getmək istəyirlər. Hərbi büdcənin şişirdilməsi məsələsinə gəldikdə isə deyə bilərəm ki, keçmiş SSRİ dövlətləri içərisində büdcəsi şişirdilmiş dövlət Ermənistandır. Bu hər il Londonda çıxan “İnterbalans” məcmuəsində görünür. Azərbaycanın hərbi büdcəsi yaranan gündən 3 faizdən çox olmayıb. Bu, çox normal göstəricidir. Ona görə deməzdim ki, Azərbaycanın hərbi büdcəsi şişirdilib. Bizə gələn hərbi ekspertlər də həmişə deyirlər ki, sizin büdcəniz normaldır. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Ziyafət müəllim, buyurun. Siz də fikrinizi bildirin.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli Sədr, əvvəla, mən deputat həmkarlarıma təşəkkür edirəm, qanun layihəsi barədə öz fikirlərini söylədilər, təkliflərini verdilər. Əlbəttə, ordunun möhkəmləndirilməsi hər birimizin, hər bir Azərbaycan vətəndaşının marağındadır. Cənab general-leytenant bir sıra məsələlərə aydınlıq gətirdi. Mən, sadəcə, istəyirəm, bir məsələyə fikrimi bildirəm.
Burada Fazil müəllim bir məsələ qaldırdı, guya bizim ordu gələcəkdə militarist görüntü yarada bilər. Fazil müəllim, bu heç də belə deyil. Artıq general bu məsələyə münasibət bildirdi. Burada bizim hörmətli iqtisadçılarımız oturub. Azərbaycanda hər adambaşına düşən ümumi daxili məhsulun miqdarı nöqteyi-nəzərdən hesablasalar, çox normal bir faiz alınar. Dünya miqyasında bu, 3-6 faiz arasıdır. Azərbaycanda hər adambaşına düşən ümumi daxili məhsulun miqdarına nisbətdə çox normal bir faizdir.
Yeri gəlmişkən, biz bu yaxınlarda Tbilisidə olanda Corc Marşal Mərkəzinin mütəxəssisləri ilə məsələ müzakirə olundu və burada heç bir şişirtmədən söhbət gedə bilməz. İstəyirəm, bu məsələdə ehtiyatlı olaq, çünki burada hər şey ölçülüb-biçilib. Yada salmaq istəyirəm ki, biz Avropada Adi silahlar haqqında Konvensiyaya qoşulmuşuq. Hər il Azərbaycanın büdcəsi təsdiq olunanda müdafiəyə ayrılan vəsait bu konvensiyaya nisbətdə müəyyən olunur. Ona görə burada heç bir şişirtmədən söhbət getmir və biz beynəlxalq normalara əməl edirik.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.41 dəq.)
Lehinə 95
Əleyhinə 1
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındadır. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu, redaktə xarakterli kiçik bir düzəlişdir. Ona görə icazə versəydiniz, buradan məruzə edərdim. Cənab Sədr, “Feldyeger rabitəsi orqanında xidmətkeçmə haqqında” Əsasnamədə “25 təqvim ili” sözlərinin “20 təqvim ili” sözləri ilə əvəz olunması təklif olunur. Məsələ burasındadır ki, “Feldyeger rabitəsi orqanlarında xidmətkeçmə haqqında” Əsasnaməyə görə feldyeger rabitəsi əməkdaşları da hərbi qulluqçular kimi pensiya təminatına malikdirlər. “Hərbçilərin pensiya təminatı haqqında” Qanunda bu müddət 20 il müəyyənləşdirilib. Ona görə də biz texniki bir düzəliş eləyirik, “25 il” “20 il”lə əvəz olunur. Çox normal düzəlişdir, hesab edirəm, qəbul olunmalıdır.
Sədrlik edən. Ziyafət müəllim, Sizin etirazınız yoxdur ki?
Z. Əsgərov. Hörmətli Sədr, bir də burada ikinci məsələ var. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsində “güzəştli hesabla pensiya təyin edilməsi” sözləri “pensiya məbləğinin hesablanması” sözləri ilə əvəz olunur. Birinci məsələ ilə əlaqədar Əli müəllim tamamilə düzgün qeyd elədi, onlar da hərbi qulluqçu hesab olunduğuna görə “20 təqvim ili” müəyyən edilir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.43 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədədir. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli, buyurun.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Ölkəmizin iqtisadi qüdrəti ildən-ilə artır, büdcə gəlirləri çoxalır, möhtərəm Prezidentimiz vaxtaşırı işçilərin əmək haqqının artırılmasına, onlara verilən müavinət və təzminatların yüksəldilməsinə diqqət yetirir. Bu baxımdan da Əmək Məcəlləsinin 135-ci, “Əmək məzuniyyətinin verilməməsinin yolverilməzliyi” maddəsinə belə bir düzəliş edilib: “Bu Məcəlləyə uyğun olaraq işəgötürən tərəfindən işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır”. Yəni mütləq əmək məzuniyyəti verilməlidir. İkinci, “İşçi müvafiq iş ilində əmək məzuniyyətindən istənilən səbəbdən istifadə etmədikdə ona həmin iş ili (iş illəri) üçün istifadə edilməmiş əmək məzuniyyətinə görə müəyyən olunmuş qaydada və məbləğdə kompensasiya ödənilir”. Yoldaşların yadındadırsa, əvvəllər belə hal var idi ki, əgər işçi məzuniyyətə çıxa bilməyibsə, o biri ilə keçəndə onun məzuniyyəti pul vəsaiti ilə kompensasiya olunmurdu. Bütövlükdə bu düzəliş çox məqbuldur və işçilərin mənafeyinə xidmət edir. Deputat həmkarlarımdan xahiş edirəm, bu layihəyə səs versinlər.
Sədrlik edən. Çox sağ olun. Sual yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 16.45 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 96
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarında dəyişikliklər edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm. Cənab Sədr, bu da redaktə xarakterli düzəlişdir. “Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında” Əsasnamədə və “Dövlət qulluğu haqqında” Qanunda “dövlət qulluğunun idarəetmə orqanı” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz olunur. Çünki 2005-ci ildə cənab Prezidentin Fərmanı ilə Azərbaycan Respublikası Prezident yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya yaradılıb. Yəni müvafiq icra hakimiyyəti orqanı artıq yaradılıb. Ona görə də bu, redaktə xarakterli düzəlişdir və bundan sonra “müvafiq icra hakimiyyəti orqanı” deyəndə bu komissiya nəzərdə tutulacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.47 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ yenə də Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədədir. Bu məsələyə 4 komissiyanın iclasında baxılıb. Birinci çıxış eləmək üçün Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidova söz verilir.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Texniki xarakterli iki düzəlişdir. Komissiyamızda baxılıb və müsbət rəylə parlamentin müzakirəsinə çıxarılıb. Birinci, Azərbaycan Respublikasının 1994-cü il 8 fevral tarixli 782 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Konsulluq Nizamnaməsi”ndə dəyişiklik edilir, 59-cu maddəyə “bir ay” sözləri əlavə edilir. Dövlət büdcəsinə rüsumların köçürülməsi ilə bağlı məsələdir.
İkinci, “Azərbaycan Respublikasının xarici ölkələrdə və beynəlxalq təşkilatlarda fəaliyyət göstərən diplomatik nümayəndəliklərində qulluq edən şəxslərin icbari sığortası haqqında” Qanunun 1.1-ci maddəsində “nümayəndəliklərində” sözündən sonra “və konsulluqlarında” sözləri əlavə edilir. İki düzəliş də texniki xarakter daşıyır, maliyyə nizam-intizamını təşkil etməyə köməklik eləyir. Hər ikisinə komissiyamızda müsbət rəy verilib. Sağ olun.
Sədrlik edən. Sağ olun. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun iki maddəsinə dəyişikliklər təklif edilir. 10-cu maddə “Notariat kontorları və dövlət orqanları tərəfindən notariat hərəkətlərin aparılmasına görə dövlət rüsumunun dərəcələri” adlanır. Təklif olunur ki, 10-cu maddədə “9 misli” sözləri “4 misli” sözləri ilə, “20 misli” sözləri “15 misli” sözləri ilə, “55 misli” sözləri “25 misli” sözləri ilə əvəz edilsin.
Sonra, 26.6-cı və 26.7-ci maddələr əlavə edilir. Mülkiyyət, icarə və istifadə hüququna dair sənədlərin verilməsi üçün dövlət rüsumunun dərəcələri dəyişdirilir. Əlavə edilən 26.6-cı maddə belədir: “İpoteka kağızının dövlət qeydiyyatı üçün - şərti maliyyə vahidinin 4 misli”. 26.7-ci maddədə isə göstərilir ki, ipoteka kağızının əlavə qeydiyyatı üçün - şərti maliyyə vahidinin 1 misli. Mən həmkarlarımdan xahiş edirəm ki, bu dəyişikliyə müsbət münasibət bildirsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini Elton Məmmədova söz verilir.
E. Məmmədov, Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Qanunvericilik təşəbbüsü ilə möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanuna dəyişiklik təklif edilir.
Qüvvədə olan qanunun 21-ci maddəsi radiasiya qəzasının nəticələrini ləğv etmək üçün cəlb olunmuş şəxslərin statusu ilə bağlıdır. Bu maddənin dəyişiklik təklif olunan üçüncü hissəsinin qüvvədə olan mətnində qeyd olunur ki, radiasiya qəzasının nəticələrinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə verilən ödənişin növləri və miqdarı qanunvericiliklə müəyyən edilir. Bu maddədə dəyən zərərə görə verilən ödənişin konkret hansı qanunvericiliklə tənzimlənməsində aydınlıq olmamasından müvafiq icra orqanları bu müddəanın tətbiqində çətinlik çəkir, qeyri-müəyyənliklə üzləşirlər.
Digər tərəfdən, qüvvədə olan “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Qanunun 5-ci maddəsinin birinci bəndində belə şəxslərin kateqoriyaları müəyyən edilir. Təklif olunan dəyişikliklərin əsas məqsədi bu iki qanun arasında olan qeyri-müəyyənliyi aradan qaldırmaq, onların biri-birini tamamlamasını təmin etməkdir.
Onu da qeyd etmək istərdim ki, əsasən “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərərçəkmiş şəxslərin statusu və sosial müdafiəsi haqqında” Qanunun müddəaları ola biləcək digər radiasiya qəzalarının nəticələrinin ləğvi üçün cəlb olunmuş və yüksək şüalanma dozası almış şəxslərə də şamil edilir. Belə olan halda “Əhalinin radiasiya təhlükəsizliyi haqqında” Qanunun 21-ci maddəsinin üçüncü hissəsi belə bir redaksiyada verilir: ”Radiasiya qəzasının nəticəsinin ləğvi üçün cəlb olunmuş şəxsə yüksək şüalanma dozası alması nəticəsində sağlamlığına dəyən zərərə görə “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 1-ci bəndində nəzərdə tutulmuş şəxslər üçün qanunvericiliklə müəyyən edilmiş kompensasiya və güzəştlər verilir. Beləliklə, mövcud qanunvericiliyə bu dəyişikliyi etməklə bu sahədə qismən mövcud olan boşluğu aradan götürürük. Bu da gələcəkdə adı çəkilən qanunun işlək mexanizmlə təmin olunmasına gətirib çıxaracaqdır. Hörmətli deputatlarımızdan bu qanun layihəsinə səs verməklərini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Qanun layihəsində, eyni zamanda, İnzibati Xətalar Məcəlləsinə iki maddənin əlavə edilməsi təklif olunur. Məlumat üçün bildirim ki, İnzibati Xətalar Məcəlləsində hava, çay və dəniz yolu nəqliyyatında olan qaydalar əleyhinə inzibati xətaları müəyyənləşdirən xüsusi bir fəsil var və bu məsələlər tənzimlənir. Amma bilirsiniz ki, yaxın dövrdə bir təyyarə qəzası baş verdi. Elə bunun nəticəsi olaraq təklif olunub ki, İnzibati Xətalar Məcəlləsinə iki əlavə edilsin.
Birinci əlavə 130.6-cı maddədir. Müvafiq icra hakimiyyəti orqanının xüsusi icazəsi olmadan Azərbaycan Respublikasının hava məkanında səsdən iti sürətlə uçuşa görə inzibati məsuliyyət nəzərdə tutulur. Bu məsələ komissiyada müzakirə olunarkən belə fikirlər səsləndi ki, bu əmələ görə sanksiya daha ciddi olmalıdır. Biz bu fikirlə razılaşdıq, çünki bütövlükdə İnzibati Xətalar Məcəlləsinin bu fəslində bundan daha yüngül əməllərə görə çox ağır sanksiyalar nəzərdə tutulmuşdur. Bu məsələ ilə bağlı biz qanunvericilik təşəbbüsü subyekti ilə məsləhətləşmələr apardıq və razılaşdıq. Bu sizə paylanmayıb, amma biz razılaşdırmışıq. Bu əmələ görə fiziki şəxslər şərti maliyyə vahidinin 30 mislindən 40 mislinədək, vəzifəli şəxslər isə bu şərti maliyyə vahidinin 70 mislindən 90 mislinədək cərimə edilirlər.
İkinci əlavə 130.1-ci maddədir. Bu, aviasiya hadisəsinin baş verdiyi yerdə aşkar edilən hava gəmisinin elementlərinin, daşıdığı əşyaların qanunsuz götürülməsi ilə bağlıdır. Bu maddənin də adı və sanksiyası ilə bağlı da komissiya üzvlərinin təklifləri olmuşdur. Mən də onlarla razılaşdım. Çünki qanunun adında həm “qəza”, həm “insident”, həm də “hadisə” anlayışlarından istifadə olunurdu. Bununla bağlı qanunvericilik təşəbbüsü subyekti ilə söhbət apardıq və razılaşdıq.
Mən istərdim ki, razılaşdığımız variantı da sizin diqqətinizə çatdırım. Maddənin adı belə olacaq: “Aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hissələrinin və ya onun daşıdığı əşyaların, yüklərin, baqajın qanunsuz götürülməsi”. Maddənin mətnində isə bu cür razılaşdıq: “Aviasiya qəzasını araşdıran komissiyanın icazəsi olmadan aviasiya qəzasının baş verdiyi yerdə qəzaya uğramış hava gəmisinin hər hansı hissələrinin, yaxud onun daşıdığı əşyaların götürülməsinə görə”. Ona görə xahiş edirəm, razılaşdırılmış varianta səs verəsiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış eləmək istəyən yoxdur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.57 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə edilməsi barədədir. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri, Mülki Məcəllənin 62.1.4 maddəsinə aşağıdakı redaksiyada əlavələr edilməsi təklif olunur. Qüvvədə olan redaksiya belə idi: “Dördüncü növbədə büdcəyə məcburi ödənişlər üzrə borc ödənilir”. Həmin maddə qalır, lakin aşağıdakı cümlə əlavə olunur: ”Büdcədənkənar dövlət fonduna məcburi dövlət sosial sığorta haqları üzrə borc ödənilir”. Yəni dördüncü növbədə büdcəyə məcburi ödənişlər və büdcədənkənar dövlət fondu bir maddədə birləşdirilir. Bu da imkan verəcək ki, sosial sığorta haqlarının ardıcıl olaraq ödənilməsi təmin edilsin. Komissiyada bu məsələyə baxılıb və təklif edilir ki, əlavə Milli Məclis tərəfindən qəbul edilsin. Sağ olun.
Sədrlik edən. Başqa təklif varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.58 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsi “Televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqındadır. Layihəyə Milli Məclisin 4 komissiyasında baxılıb. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə. Qanun layihəsi İqtisadi siyasət daimi komissiyasında müzakirə olunmuşdur. Nəzərinizə çatdırmaq istərdim ki, vətəndaşların fiziki, əqli və mənəvi inkişafına zərbə vuran məhsulların televiziya və radio yayımı vasitəsilə reklamının qadağan olunması Azərbaycan Respublikasının “Televiziya və radio yayımı haqqında” Qanununun 35.10-cu maddəsində öz əksini tapmışdır. Lakin 2005-ci il iyunun 7-də edilmiş dəyişikliklər nəticəsində respublikamızda alkoqollu içkilərin və vətəndaşların fiziki, əqli və mənəvi inkişafına zərbə vuran digər məhsulların televiziya və radio yayımı ilə reklamına saat 7.00-dan 23.00-dək qadağa tətbiq edilmişdir.
Göstərilən qanuna edilmiş həmin dəyişikliklərin qüvvəyə minməsi nəticəsində müvafiq fəaliyyət sferasını tənzimləyən qanunlarla mövcud qanun arasında ziddiyyətlər yaranmışdır. Belə ki, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olan redaksiyasına əsasən, artıq içkilərin televiziya və radio vasitəsi ilə reklamına bütövlükdə qadağa tətbiq edildiyi halda, “Televiziya və radio yayımı haqqında” Qanunda bu qadağalar sutkanın müəyyən saatlarına şamil edilmişdir. Eyni vəziyyət “İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununda da müşahidə olunur. Nəzərdən keçirilən fəaliyyət növünü tənzimləyən qanunvericilik bazasının uyğunluğunu təmin etmək məqsədi ilə bu layihə müzakirəyə təqdim edilmişdir.
Bunları nəzərə alaraq “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin 1-ci bəndinin səkkizinci abzasının çıxarılması təklif edilir. Belə ki, alkoqollu içkilərin televiziya və radio vasitəsi ilə yayımı “Reklam haqqında” Azərbaycan Respublikasının Qanununun 12-ci maddəsində nəzərdə tutulur. Həmin maddənin adı belədir: “Teleradio proqramlarında, verilişlərində reklamın xüsusiyyətləri”. Teleradio proqramlarında reklamın yayım qaydası müvafiq qanunvericiliklə tənzim edilir. İqtisadi siyasət daimi komissiyası təklif edir ki, millət vəkilləri tərəfindən bu düzəliş nəzərə alınsın. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Cənab Sədr, bu məsələ ilə bağlı biz komissiyaların birgə iclasında iştirak etmişik. Məlumat verildi. Redaktə xarakterli texniki məsələdir. Mahiyyət baxımından heç nə dəyişmir. Bizim komissiyanın rəyi müsbətdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova, buyurun.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi bizim komissiyada da müzakirə edilmişdir. Kifayət qədər vacib dəyişikliklərdir. Məsələ bundadır ki, “Reklam haqqında” Qanun Milli Məclisdə ən çox dəyişikliklərə məruz qalan qanundur. Bu qanunda məhz bu müddəa - spirtli içkilər, yaxud tütün məhsulları dəfələrlə gah qəbul olunub, gah çıxarılıb, ya da saat fərqləri olub. Mənə elə gəlir ki, “Reklam haqqında” Qanunun özünə də bir daha yenidən baxmağa ehtiyac var. İkinci qanun “İctimai televiziya və radio yayımı haqqında” Qanundur. Dünyanın hər yerində ictimai televiziyanın, ümumiyyətlə, reklamlardan asılılığını azaltmaq tendensiyası var. Buna görə də ictimai televiziyanın reklam verənlərdən asılılığını azaltmaq üçün bu qanunda gələcəkdə də dəyişiklik etməliyik. Çünki saat 7-dən 23-ə qədər spirtli içkilərin reklamına yol verilmir. Onda vaxt var ki, bu reklamı verirlər. Efir vaxtını saat 23-dən sonra götürürlər.
Biz bu yaxınlarda xaricdə olarkən həmvətənlərimiz bizə dedilər ki, nəzərə alın ki, bu verilişlərə dünyanın müxtəlif yerlərində müxtəlif şəxslər baxırlar. Mən, ümumiyyətlə, İctimai televiziyada bu cür reklamların verilməsinin əleyhinəyəm, çünki asılılıq yaranır.
Burada bir məsələ var, mənim üçün mürəkkəbdir, bəlkə bunu izah edərlər. Maddə 14.9-da yazılır ki, reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş məhsulların, narkotik vasitələrin, silahların, pornoqrafiyanın, tütün məmulatlarının və nəzərdə tutulduğu hallarda digər məhsulların reklamı qadağandır. Mən bilmirəm, nəzərdə tutulmuş daha nə qaldı? “Digər məhsullar” adı altında sonra elə şeylər olacaq ki, biz onu bilmirik. Bunun dəqiqləşdirilməsinə ehtiyac var.
Ümumilikdə, biz buna səs veririk və hesab edirik ki, bu, qanunun təkmilləşməsinə səbəb olacaqdır. Amma yenə də fikrimdə israrlıyam, bu qanunlarda müəyyən dəyişikliklər etməyin vaxtı çatıbdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rəbiyyət xanım, Siz bu qanun layihəsinin müzakirəsində iştirak etmisiniz. Qəbul etdiyiniz qanunla bağlı təzədən sual verirsiniz. Təklif verə bilərsiniz. Qanun layihəsinin müzakirəsinə başlayırıq. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün təqdim olunan düzəlişlər Azərbaycanın milli-mənəvi dəyərlərinə əsaslanan məqamlardan irəli gəlir. Dünyanın bütün televiziya yayımları kifayət qədər mühafizəkardır. Zorakılığın, pornoqrafiyanın, alkoqolun və siqaretin təbliğatına dünyanın bütün inkişaf etmiş ölkələri son qoymağa çalışıb və bu həyata keçirilibdir. Əsas məqsəd gənc nəsli mənfi təzyiqlərdən xilas etmək və sağlam nəsil yetişdirməkdir. Bu gün təklif olunan dəyişiklikləri müsbət qiymətləndirirəm və düşünürəm ki, onlara səs verməyə ehtiyac var. Azərbaycanda televiziya yayımlarına bu istiqamətdə ciddi diqqət verilməlidir.
Lakin bir məqam mənim diqqətimi cəlb etdi. Mən burada çox böyük təhlükəni görürəm və sizin diqqətinizi də buna cəlb etmək istəyirəm. Bilirsiniz ki, Azərbaycanın milli dəyərlərində heç vaxt alkoqola tolerant münasibət olmayıb. Hətta Kiyev knyazı Vladimirdən üzübəri alkoqola tolerant münasibəti olan qonşu Rusiya da alkoqolun reklamını öz televiziyalarında qadağan edibdir. Lakin “İctimai televiziya və radio yayımı haqqında” Qanuna təklif olunan düzəlişdə saat 23.00-dan sonra alkoqolun reklamına icazə verilməsi, düşünürəm ki, çox ciddi təhlükəli məqamlardan xəbər verir. Söhbət ondan gedir ki, burada hansısa spirtli içkiləri emal edən şirkətlərin lobbiçiliyi müşahidə olunur. Azərbaycanda milli mənəvi dəyərlərimiz tamamilə başqa əsasda formalaşdırılan məqamda nə üçün arağın reklamına icazə verməliyik? Baxmayaraq ki, bizdə dəfələrlə milli dəyərləri müdafiə etmək barəsində qərarlar qəbul olunub. Mən başa düşə bilərəm, komissiyaların bitərəf rəhbərləri bunu edə bilərlər. Amma Yeni Azərbaycan Partiyasının üzvlərinə xatırlatmaq istəyirəm ki, milli mentalitetimizə zidd olan və spirtli içkilərə qadağan nə zaman və hansı partiyanın rəhbəri tərəfindən təklif olunmuşdur? Nə üçün siz yenidən alkoqolu Azərbaycanın reklam mühitinə daxil etmək istəyirsiniz? Nə üçün gəncliyimizin inkişafına milli təhlükə yaradırsınız? Bu, çox qəribə məqamdır.
Bir şeyi xatırlatmaq istəyirəm ki, Azərbaycan televiziyaları artıq yeni texnologiya vasitələri ilə təkcə Azərbaycanda deyil, bütün islam və türk dünyasına yayımlanır. Deməli, rus araqlarının reklamı Rusiyada qadağan olunan zaman Azərbaycan televiziyaları artıq bunu bütün dünyaya yayımlamaqla Azərbaycanı biabır edəcək. Mən düşünürəm ki, bu qadağanı bərpa edib, yenidən Azərbaycanda spirtli içkilərin bərpasını həyata keçirmək istəyən qüvvələrə yox deməliyik.
Mən bir şeyi də xatırlatmaq istəyirəm. Azərbaycan televiziyaları artıq dünyaya yayımlanır. Avropa peyki vasitəsi ilə dünyaya yayımlanan Azərbaycan televiziyasında Azərbaycan milli dəyərlərinin təbliğinə daha çox diqqət yetirilməlidir. Türkiyədən mənə çox müraciətlər olub. Deyiblər ki, Azərbaycan televiziyası bizdə yayımlanandan öncə biz bilirdik ki, Azərbaycan türk və islam dünyasında ilk simfoniyanı, ilk operanı yaradan bir dövlətdir. Bu gün isə hansısa kənd toylarında rəqabət gedir. Azərbaycan mədəniyyəti bu səviyyədə təbliğ olunur. Unudulur ki, Azərbaycan musiqisinin banisi Üzeyir bəy Hacıbəyovdur. Azərbaycanın Qara Qarayev, Fikrət Əmirov kimi bəstəkarları olub.
Sədrlik edən. Çox sağ olun, Asim müəllim. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu elə mövzudur ki, Milli Məclisin hər bir üzvü bu barədə öz fikrini deyə bilər. İndi müzakirəyə çıxardığımız qanun keçən il geniş şəkildə müzakirə olunub və qəbul edilibdir, yəni bu keçən il olub. Bugünkü qanun layihəsi isə ona edilən əlavə və dəyişikliklərdən ibarətdir. Ona görə də biz bu məsələnin müzakirəsi ilə əlaqədar danışmalıyıq. Bu sahədə işlədiyimə görə millət vəkillərinin diqqətinə çatdırım ki, təxminən 10 ildir Azərbaycan dövlət televiziyasında bir dəfə də olsun nə spirtli içkilərin, nə tütünün, nə narkotik maddələrin, nə də silahların – heç birinin reklamı getməyib, biz bunu etməmişik. Ona görə ki, bunlar qanunla qadağan idi və biz də göstərməmişik. İndi hansı televiziya göstəribsə, buna özü cavabdehdir. Bu məsələdə qanuna əməl olunmalıdır. Dəyişikliklər barədə fikirlərim var, onları mən bir mütəxəssis kimi, yazılı şəkildə komissiyaya təqdim edəcəyəm.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə göndərilmiş bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi ilə bağlı qanun layihəsi bir daha göstərir ki, cənab Prezident cəmiyyətimizin sosial həyatı üçün narahatlıq yaradan heç bir detalı nəzərdən qaçırmır. Reklamın təyinatı aydındır. Fransızcadan dilimizə tərcümədə “çağırıram” mənasını verən bu söz müxtəlif əmtəələr, xidmət növləri haqqında informasiya vasitələri ilə tələbat yaradılmasını təmin etməlidir. Bu, tələbatın formalaşdırılmasında əsas vasitələrdən biri sayılır. Lakin bu da var ki, bu əsas vasitə cəmiyyətin təməl və sağlam həyat tərzinə, prinsiplərinə mənfi mənada təsir etməməlidir.
Bu mənada, “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin birinci bəndi cənab Prezidentin təklifində ona görə xüsusi nəzərə alınıbdır ki, burada daha çox böyüməkdə olan gənc nəslin, ümumilikdə, gələcəyimizin taleyi, onun formalaşdırılması ilə bağlı bəzi məqamlar mövcuddur. Burada söhbət spirtli içkilərin reklamından gedir.
İlkin olaraq təklif edərdim ki, qanunun 17-ci maddəsinə təklif olunan “spirtli içkilərin bütün üsullarla reklamına aşağıdakı hallarda yol verilmir” cümləsi “spirtli içkilərin bütün üsullarla reklamına aşağıdakı formalarda yol verilmir” şəklində redaktə olunsun. “Hallarda” sözü məkan və zaman anlayışı bildirdiyindən “reklamın formaları” semantika cəhətdən daha düzgün olardı. Həmin maddənin 3-cü bəndi “spirtli içkilərin içilməsinin ictimai, idman və şəxsi uğur qazanmaqda, yaxud fiziki və psixi halın yaxşılaşmasında vacib rolu olmasının təəssüratının yaradılmasına” kimi yox, “spirtli içkilərin ictimai, idman və şəxsi uğurların qazanmasında, yaxud fiziki və ya psixi halın yaxşılaşmasında müsbət rolu haqqında təəssüratının yaradılmasına qəti imkan vermək olmaz” şəklində verilsin.
Cənab Sədr, hörmətli millət vəkilləri! Nəzərinizə çatdırıram ki, müasir dünyada reklam işində son zamanlar belə bir tendensiya - gizli, qabardılmayan reklam güclənməkdədir. Bu sahə üzrə ekspertlər sübut ediblər ki, birbaşa reklam effekti ilbəil aşağı düşür. Belə olan halda reklamçılar ilk baxışda nəzərə çarpmayan, ancaq daha səmərəli olan gizli reklamdan istifadə edirlər. Gizli reklamlar kinofilmlər, kliplər, kompüter oyunları, hətta multiplikasiya filmlərində yerləşdirilir ki, mütəxəssislərin qənaəti də daha çox effekt verir. Dünyanın bir çox inkişaf etmiş ölkələrində alkoqollu içkilər...
Sədrlik edən. Nizami müəllim, xahiş edirəm, yekunlaşdırın.
N. Xudiyev. Dünyanın bir çox inkişaf etmiş ölkələrində alkoqollu içkilərin və tütün məmulatların reklamının telekanallarda qadağan olunması həmin məmulatların adı çəkilən video məhsullara ayaq açmasını daha da intensivləşdirir. Müzakirələrdə bütün bunlar nəzərə alınmalı idi.
“İctimai televiziya və radio yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 14.9-cu maddəsinə təklif olunan variantda yazılır: “Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş məhsulların, habelə saat 7.00-dan 23.00-dək spirtli içkilərin reklamına yol verilmir”. Mən həmin cümlənin belə redaktə edilməsini təklif edirəm: “Reklamına Azərbaycan Respublikasının qanunvericiliyi ilə məhdudiyyətlər qoyulmuş məhsulların...
Sədrlik edən. Çox sağ olun. Nizami müəllim, təkliflərinizi yazılı şəkildə verərsiniz. Bir dəqiqə də vaxt verin.
N. Xudiyev. Təklif istəmirsiniz, danışmayım. Mən bu sahənin mütəxəssisiyəm. Mən təklifimi verirəm ki, işə kömək olsun.
Sədrlik edən. İstəyirsiniz, bir dəqiqə yox, 10 dəqiqə vaxt verək. Bir dəqiqə vaxt verilib, əlavə olaraq bir dəqiqə də verildi. Buyurun.
N. Xudiyev. Bundan sonra çalışaram ki, yarım dəqiqə danışım. Sizə fikir, söz lazım deyil.
Yarımçıq qalan cümləni tamamlayıram: “...habelə saat 7.00-dan 23:00-dək spirtli içkilərin heç bir formada reklamına yol verilmir”. Zənnimcə, bu, bütün formalarda reklam anlayışını daha düzgün ehtiva edir. Bilirsiniz mən nəyə görə bu təklifləri verdim? İndi onları komissiyanın sədrinə verəcəyəm. Bir var əsil reklam, bir də var kinofilmlərin, multiplikasiya filmlərinin içərisində gizli şəkildə verilən reklamlar. Bu tamamilə qadağan olunan bir şeydir və cinayət xarakteri daşıyır. Bunu bilməlidirlər. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İki məqamı diqqətinizə çatdırmaq istəyirəm. Birinci məqamı məndən öncə danışan hörmətli Rəbiyyət Aslanova da dedi. “Reklam haqqında” Qanun 10 ildir qəbul olunub. 10 ilin içərisində hər ildə, 3-4 dəfə bu qanuna dəyişiklik olunub. Bu qanunu açsaq yamaq-yamaqdır. Bu qanunun əvvəlki variantından heç 30 faizi qalmayıb. Mən təklif edirəm ki, növbəti sessiyaların birində aidiyyəti üzrə komissiyaya, ya da şöbəyə tapşırılsın, bu qanunun təzədən işlənməsi məsələsinə baxılsın. İkinci deyəcəyim məsələ mövcud əlavələr və dəyişikliklərlə bağlıdır. Təbii ki, texniki xarakterli bir məsələdir. Bu gün qanunların uyğunlaşdırılması məsələsi gedir. “Televiziya və radio yayımı haqqında” Qanun qəbul olunarkən də mən bu məsələni demişəm, indi də deyirəm; Azərbaycanda alkoqollu içkilərin və tütün məmulatlarının təbliğatı qadağan olunmalıdır. Avropa ölkələrində, ABŞ-da, hətta Rusiyanın özündə belə alkoqollu içkilərin təbliğatı reklam vasitəsi ilə aparılmır. O fikir də səhvdir ki, onsuz da Azərbaycan müsəlman ölkəsidir və içki içən azdır. Xeyr, Azərbaycanın SSRİ-i tərkibində olduğu vaxtdan üzübəri 80 il belə pis təcrübəsi var. Statistika göstərir ki, Azərbaycanda spirtli içkilərin istehlakı ildən-ilə çoxalır, özü də təəssüflər olsun ki, 40 dərəcə və daha yuxarı olan spirtli içkilərin istehlakı geniş şəkildə yayılıbdır. Spirtli içkilərin qəbulunda gənclərin, yuxarı sinif şagirdlərinin də sayı artıbdır.
Bir məsələ də var ki, spirtli içkilərin istehsalından və reklamından gələn gəliri, bir də, onun nəticəsində xəstələnən insanlara dövlətin ayırdığı müalicə xərclərini hesablamaq lazımdır. Onda biz görəcəyik ki, oradan gələn gəlirdən daha çox onların müalicəsinə xərc sərf olunub.
Digər tərəfdən, bir çox ölkələrdə, hətta Qazaxıstanda, Belarusda, Rusiyanın özündə siqaret çəkmənin məhdudlaşdırılması haqqında qanun qəbul olunur. Azərbaycanda isə əksinə, deyirik ki, bunun reklamına icazə verilsin. Saatın heç bir mənası yoxdur, ya biz qadağa qoymalıyıq, ya da icazə verməliyik. Ancaq bugünkü məsələ texniki xarakter daşıdığından bunu qəbul etməliyik. Cənab Sədr, mən xahiş edirəm, Siz aidiyyəti üzrə komissiyaya və şöbəyə tapşırasınız ki, “Reklam haqqında” Qanuna təzədən baxılsın və bu məsələlər birdəfəlik gündəlikdən çıxarılsın. Alkoqolun, siqaretin təbliğatı heç bir millətə xeyir gətirmir. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Məndə elə təəssürat yaranır ki, təklif olunan dəyişikliyin ciddiliyini heç də hamımız axıra qədər, deyəsən, hiss eləmirik. Faktiki olaraq Azərbaycanın milli-əxlaqi dəyərlərinə ən uyğun gələn müddəalardan biri bu gün Azərbaycan qanunvericiliyindən çıxarılır. Özü də kimin adı ilə çıxarılır? Dövlət başçısı İlham Əliyevin.
Bilirsiniz, mən Prezidentin İcra Aparatında işləmişəm. Hamımız bilirik ki, müxtəlif icra hakimiyyəti orqanlarının vasitəsi ilə Prezidentin İcra Aparatına qanunvericilik təşəbbüsü qaydasında imzalanmaq üçün layihələr təklif olunur. Fiziki cəhətdən bunları öyrənmək, hər birini təhlil eləmək, sadəcə, mümkün deyil. Nə dövlət başçısının, nə də müvafiq şöbənin fiziki cəhətdən belə bir imkanı olmur. Bu da ona səbəb olur ki, müxtəlif icra hakimiyyəti orqanları və ya hal-hazırda xüsusi mülkiyyətdə olan bir sıra dairələr dövlətin hətta ümumi siyasətinə xələl gətirən və uyğun olmayan maddələrin qanunvericilik qaydasında dövlət başçısının adından qanunvericilik orqanına təqdim olunmasına nail olurlar. Hesab edirəm ki, bu dəyişiklik də həmin məsələlərdən biridir.
Burada məndən əvvəl də deyildiyi kimi, dövlət başçısı heç də “İlham Əliyev Azərbaycanda alkoqollu içkilərin reklamı haqqındakı qadağanı aradan götürdü” və “buna icazə verdi” kimi müddəaların həm ölkə ictimai rəyinə, həm də beynəlxalq ictimai rəyə yayılmasına razı olmazdı. Mən qəti əminəm ki, əgər bu məsələ diqqətlə təhlil olunsaydı, ona başqa cür yanaşılardı. Hörmətli deputatlar, şəxsən mən Azərbaycanda nəinki spirtli içkilərin reklamına, ümumiyyətlə, onların ticarətinin kəskin şəkildə məhdudlaşdırılmasına, iaşə müəssisələrində onlardan istifadəyə məhdudiyyətlər qoyulmasına tərəfdar olan bir adamam.
Prinsip etibarı ilə, biz dünyəvi bir cəmiyyətdə yaşayırıq. Əlbəttə, spirtli içkiləri içmək hər bir vətəndaşın hüququdur. Bunun hal-hazırda qadağan olunub-olunmaması məsələsinin qoyulmasını tez hesab edirəm. Şəxsən özüm Azərbaycan cəmiyyətində spirtli içkilərin qadağan olunmasının tərəfdarıyam. Amma Asim Mollazadənin dediyi çox qiymətli sözlər burada istehza ilə qarşılandı və hətta bunu lağ obyektinə çevirməyə çalışdılar. Bir daha təkrar eləyirəm, olduqca ciddi bir məsələdir və mən xahiş edirəm, buna ciddi şəkildə yanaşılsın. Qanunvericilik təşəbbüsü subyektinə, yəni dövlət başçısına bu barədə məlumat verilsin. Əvvəllər bir qayda olaraq qanunvericilik təşəbbüsü subyektinin burada nümayəndəsi olurdu və ortaya çıxan ciddi məsələlərə öz fikrini bildirirdi.
Heç olmasa, bu dəyişiklik ləngidilsin. Mən geri qaytarılsın demirəm, sadəcə olaraq, bu gün səsə qoyulmasın. Bu barədə qanunericilik təşəbbüsü subyektinə məlumat verilsin və “Reklam haqqında” Qanundakı həmin müddəa saxlanılsın, “Televiziya və radio yayımı haqqında” Qanuna dəyişiklik edilsin. Qanun qəbul edilibsə, bu o demək deyil ki, biz ona dəyişiklik edə bilmərik.
Burada tez-tez səslənir ki, guya bu, texniki məsələdir. Əgər “Televiziya və radio yayımı haqqında” Qanun qəbul olunubsa və birdən- birə kimə isə məlum olubsa ki, hansısa qanunun müddəaları ilə yeni qanunun müddəaları ziddiyyət təşkil eləyir, bu, mütləq əvvəl qəbul olunmuş qanunun zərərinə həll edilməlidir. Bu gün imkan varsa, mən təklif eləyirəm ki, bu məsələ səsə qoyulmasın. Qanunvericilik təşəbbüsü subyektinə də bu barədə məlumat verilsin. Lazım gələrsə, “Televiziya və radio yayımı haqqında” Qanunun özünə dəyişiklik eləyək və alkoqollu içkilərin reklamına qadağa qoyan müddəanı saxlayaq. Bir daha təkrar edirəm, mən də Asim Mollazadə ilə tamamilə razıyam, sadəcə olaraq, bu, Azərbaycan üçün və iqtidarda, müxalifətdə olmasından asılı olmayaraq müsəlman insanı üçün, elə müsəlman olmayan insan üçün də çox ayıb gətirən və çox ciddi zərər vura bilən bir hadisə olar. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox üzr istəyirəm, müzakirələrə qulaq asanda SSRİ vaxtında nümayiş olunan bir veriliş yadıma düşdü. Telekörpü idi, ABŞ-dan bir qadın nə isə bir sual verdi. Bu tərəfdən bir qadın dedi ki, «в Советском Союзе секса нет». İndi alkoqolu qadağan edək, qadağan eləməyək? Sovetin vaxtında qadağan elədilər. ABŞ-da da uzun müddət bu, qadağan olundu. İçən onsuz da içirdi, içməyən içmirdi.
İkincisi, qanunvericilik aktlarına əlavələr və dəyişikliklər təklif olunubdur. Yeni bir şey təklif olunmayıb ki? Əksinə, dəyişikliklər, məhdudiyyət təklif olunubdur və bəzi hallarda qadağalar təklif olunub. Ona görə də bu söhbəti geniş şəkildə müsəlmanlara, türklərə aid etməyin nə mənası var? Niyə türklər haqqında fikirləşirsiniz? Türklər alkoqolu da reklam eləyirlər, digərlərini də. Niyə onların dərdinə qalırsınız?
Mən çox üzr istəyirəm, neçə dəfədir, hiss edirəm, gündəlikdə söhbət bir şeydən gedir, biz isə tamamilə başqa şeylərdən danışırıq. Bəzi məsələləri qaldıran yoldaşlar bu milləti başqalarından çox istəmirlər ki. Bu millətin mənəviyyatı haqqında başqalarından çox fikirləşmirlər ki., Məsələ haqqında, dəyişiklik haqqında təklif varsa, müzakirə eləyək. Azərbaycan millətinin mənəviyyatından danışırlar. Ona görə mən xahiş eləyirəm, təklif olunmuş dəyişikliyə, ya da əlavəyə aid sözünüz varsa, deyin, müzakirə eləyək, yoxdursa, onda səsə qoyaq. Burada ən böyük irad varsa, o da mənim iradımdır. “Pornoqrafiya” sözü “pa” ilə yox, “po” ilə yazılır. Qalanların hamısı yerindədir.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Həqiqətən də, bu, texniki xarakterli bir məsələdir. Bu müzakirə göstərir ki, biz “Televiziya və radio yayımı haqqında” Qanuna yenidən qayıtmalıyıq və bunu geniş şəkildə müzakirə eləməliyik. Ola bilsin, bu qanunun yenidən işlənməsinə böyük ehtiyac var. Həmçinin, “Reklam haqqında” Qanunun təkrar nəzərdən keçirilməsinə və onun zamanın tələbinə uyğun yeni şəkildə tərtib edilməsinə böyük ehtiyac var. Söhbət burada heç də alkoqollu içkilərin reklamı və ya reklam edilməməsindən getmir. Bunun reklam edilib, edilməməsi həmin televiziya kanalının özündən asılıdır. Hələ baxaq, görək, Azərbaycanda alkoqollu içkiləri reklam eləməyə təşəbbüs göstərən şirkət varmı? Bizim televiziya şirkətlərimiz reklam acıdır. Yəni özəl şirkətlərimiz bir yer axtarırlar, bir mövzu axtarırlar ki, onu reklam eləsinlər. Bu reklamı tapa bilmədiklərinə görə də milli adət-ənənələrimizə zidd verilişlər baş alıb gedib. Tamaşaçı cəlb eləmək üçün bütün vasitələrə əl atırlar, müxtəlif xarici şouları təbliğ eləyirlər. Onu da yaddan çıxarmayaq ki, bizdə yalnız Bakı şəhərində deyil, bölgələrdə də televiziya kanalları var.
Mən Valeh müəllimin dediyi kimi, mətləbdən bir az kənara çıxmağa məcbur oldum, çünki müzakirə olunan məsələ texniki olsa da, çox yazılan var. Çünki televiziyanın Azərbaycan cəmiyyətində yeri və rolu hamımıza aydındır. Televiziyanın cəmiyyətin həyatına, bizim milli-mənəvi dəyərlərimizə təsiri də hamıya aydındır. Ona görə də millət vəkillərinin əksəriyyətinin danışmaq istəyini təbii qəbul eləyirəm və hesab edirəm ki, biz mütləq “Televiziya və radio yayımı haqqında” Qanuna yenidən qayıtmalıyıq, onu təkrar işləməliyik və bütün bu məsələləri kompleks həll eləməliyik. Söhbət yalnız alkoqollu içkilərdən və onun reklamından getmir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. 2005-ci ildə Azərbaycanda Milli Məclisə seçkilər keçirildi. Burada oturan insanlar öz reklam roliklərini televiziyada nə vaxt veriblər? Səhər saat 7-də reklam roliki verən var idi? Yox. Saat 9-da? Yox. Saat 10-da? Yox. Saat 12-də? Yox. Burada söhbət reklam rolikindən getmir, əksinə, təbliğatdan gedir. Normal insanların televiziyaya baxdığı vaxt saat 21-22-dən sonradır. Ondan tez kim televiziyaya baxır? Hər kəs işlə məşğul olur. İşdən çıxıb, ən tez saat 20-də evə çatır, yeməyini yeyir və sairə. Ondan sonra isə televiziya kanalını açıb baxır ki, dünyada nə var, nə yox, ölkədə hansı proseslər gedir.
Çox gözəl düşünülmüş şəkildə reklamı bu müddətə salırlar. Biz konkret şəkildə müəyyənləşdirməliyik ki, reklam nə vaxt verilməlidir? Deyək ki, səhər saat 7-dən 11-ə qədər reklam verirlərsə, ona kim baxır? Uşaqları nəzərdə tuturlarsa, uşaqlar həmin vaxt məktəbdə olurlar. Məktəbdən gələndən sonra isə dərsləri ilə məşğul olurlar. Sonra da yatırlar. Ən əsas həssas vaxt götürülür. Məsələn, reklamlar futbol oyunları və yaxşı filmlər nümayiş etdirilən vaxt verilir. Çox düşünülmüş şəkildə həmin dövrə salırlar ki, bunu reklam eləsinlər. Aydın bir əsasdır. Bu vaxt məhdudiyyətinin qoyulması mən hesab edirəm ki, elə bir əhəmiyyət daşımır. Əgər buna ehtiyac yoxdursa, ümumilikdə, götürmək lazımdır. Bunu göstərsinlər və biz bununla nəyi isə sübut eləməyə çalışmamalıyıq.
Burada bir çox insanlar vətənpərvərlik nöqteyi-nəzərindən danışdılar. Parlamentin birinci iclas günündə də mən qeyd elədim ki, milli- mənəvi dəyərlərlə bağlı müəyyən addımlar atmalıyıq. Televiziyada alkoqolun reklamından daha pis bir “qəfəs” yaradıblar. Orada iki nəfər həlak oldu, heç kəsin vecinə deyil. İnsan hüquqlarının müdafiəsi ilə bağlı bu gün məsələ müzakirə elədik. İnsan hüquqları ilə bağlı heç bir cəmiyyət bu məsələni müzakirə eləmədi. Bu, Azərbaycan mənəviyyatını, Azərbaycan əxlaqını, Azərbaycan tərbiyəsini pozan bir verilişdir. Bir neçə qadını və bir neçə kişini bir otağa salıb, üzr istəyirəm, onların necə yatdığını, necə durduğunu göstərirlər. Bunu da bütün Azərbaycana reklam eləyirlər, göstərirlər. Alkoqollu içkini və siqareti reklam etmək bundan 10 dəfə qanacaqlı bir işdir. Kimsə 5 manat qazanacaqsa, halal xoşu olsun. Amma Azərbaycanın mənəviyyatı hesabına bunu qazanmasın.
Mən keçən dəfə burada qeyd elədim, ailə ilə televiziya qarşısında oturmaq mümkün deyil. Pultu əlindən yerə qoya bilmirsən ki, bu dəqiqə nəsə göstərəcəklər. Əgər islam əxlaqından, islam tərbiyəsindən, türkçülükdən danışırıqsa, bu nə türk əxlaqına, nə də islam əxlaqına sığan bir məsələ deyil. Bundan danışmaq lazımdır. Saat 11-də vermədi, 7-də verdi. Bunun nə mənası var? Bunlar o məqamı seçiblər ki, insanları həvəsləndirsinlər. Başqa burada nə maraq var?
Mən təklif eləyirəm, bunu qəbul eləyək, amma qanunvericilik təşəbbüsü subyekti ilə razılaşdıraq. Qanunun özünə baxanda görürsən ki, zəfəran suyu ilə yazılıbdır. Bu məsələyə ciddi şəkildə diqqət yetirmək lazımdır. Mənəviyyatın, əxlaqın qorunması üçün nəinki spirtli içkilərin reklamına, ümumiyyətlə, Azərbaycan televiziyalarında gedən verilişlərə nəzər salmaq lazımdır. Seriallar verirlər, nə məna var, nə məzmun, nə də mahiyyət. Azərbaycanın ərazisində ancaq əxlaqsızlığı təbliğ eləyirlər. Cənubi Amerikada baş verən hadisələr təsvir olunur. Nə milləti millətimizə uyğundur, nə dini dinimizə. Nə adət-ənənə, nə ailə münasibətləri, nə də hüquq çərçivəsində münasibətlərimiz uyğundur. Xeyir ola, bunu gətirib Azərbaycanda verirsən? Xeyir ola, bunu təbliğ eləyirsiniz?
Azərbaycanın seriallarını çəkin, Azərbaycanda ailə-məişət münasibətlərini çəkin. Harada problem var, onu çəkin, onun aradan qaldırılmasını çəkin. Bunu seriallaşdırın, Azərbaycan cəmiyyətinə öz məhsulunuz kimi təqdim eləyin. 300 seriyalı filmlər gətiriblər. Budur problem. Bu gün cəmiyyətin əxlaqını pozan məsələlərə diqqət yetirilməlidir. Mən xahiş edirəm, komissiya sədrləri bununla məşğul olsunlar. Gözləməsinlər ki, kimsə qanun yazıb göndərəcək, onlar da bunu təqdim eləyəcəklər. Onlar komissiya sədri kimi əmək haqqı alırlar, bu işə cavabdehdirlər, seçicilər tərəfindən onlara etimad göstərilib. Zəhmət çəksinlər, məsələni qaldırsınlar, müvafiq qanunları təqdim etsinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun, cənab Sədr. Mən iki məsələyə hörmətli millət vəkillərinin diqqətini cəlb eləmək istəyirəm. Məni narahat edən məsələ ondan ibarətdir ki, niyə biz dünyanın mütərəqqi və inkişaf etmiş ölkələrinin qəbul etdiyi məsələlərə biganə qalırıq və başqa istiqamətdə qərarlar qəbul etmək istəyirik? Bütün dünyada spirtli içkilərin və siqaretin reklamına qadağa qoyulur, bizdə isə əksinə. Milli Məclisdə belə məsələlərin gündəmə gəlməsi birinci hal deyil.
Ən müasir, inkişaf etmiş ölkəni - Böyük Britaniyanı götürək. Siz çox gözəl bilirsiniz, bu yaxınlarda nəinki televiziyada, hətta onların məşhur barlarında belə siqaret çəkməyi qadağan elədilər. İtaliyada, ABŞ-da bunu tam şəkildə qadağan elədilər. Ona görə ki, bu, zərərlidir. Ancaq biz yenə də bunun reklamına yol axtarırıq. İkinci, bir də ictimai televiziya və reklam məsələsinə millət vəkillərinin diqqətini cəlb etmək istəyirəm. İctimai televiziya millətin, ictimaiyyətin fikrini əks etdirir. İctimai televiziyada reklamların verilməsi, ümumiyyətlə, nəzərdən keçirilməlidir. Bu xüsusi kanal deyil. Ancaq biz nəinki bu məsələdə hansısa fikir irəli sürürük, hətta ictimai televiziyada siqaretlərin, içkilərin reklamının nə vaxt verilməsi ilə məşğul oluruq. Mənim istədiyim və təklif etdiyim məsələ ondan ibarətdir ki, parlament olaraq dünyada qəbul olunmuş tendensiyaları nəzərə alaq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Cənab sədr, hörmətli millət vəkilləri! Məsələ, deyəsən, bir xeyli dərəcədə gərginləşir. Amma mən bir şeyi demək istəyirəm. Düşünürəm ki, spirtli içkiləri həm reklamlarda, həm də radio və televiziyalarda təbliğ eləmək olar. Niyə olar, onu deyim. Əvvəla, deyildi ki, biz müsəlman ölkəsiyik, spirtli içkilərin təbliği milli-mənəvi dəyərlərə ziyan vurur. Bunlar bir-biri ilə gendən assosiasiya təşkil eləyən şeylərdir. Bizim millətimiz türk millətidirsə, “Kitabi-Dədə Qorqud”u oxuyun, işləri peşələri şərab içməkdir. Atalar sözü var, deyir: “Ər igidin canında pas olsa, şərab açar”. Yəni şərab içməmiş ağıllı söhbət eləmək mümkün deyil. Bu, XI əsrdən gələn ənənəvi şeydir. Ona görə də bu məsələləri çox genişləndirmək lazım deyil.
Amma belə bir şey var, içki mədəniyyəti olmalıdır. Həm içməyin, həm də onun təbliğinin mədəniyyəti olmalıdır. Biz də mədəniyyət məsələləri daimi komissiyasında bunu müzakirə elədik və qəbul elədik. Çünki mədəniyyət və incəsənət xadimləri bir az buna meyillidilər. İlhamdan, ruhdan gələn şeylər var. Ona görə mən istəməzdim ki, bu məsələləri belə hədindən artıq gərgin bir kontekstdə müzakirə eləyək.
Amma düzəlişlərin özündə yaman dil mədəniyyətsizliyi var. Məsələn, dini ayinlərin icra olunduğu binaların yaxınlığında bu reklam ola bilməz. Amma burada ifadə necə gedir? “Ayin binalarda”. "Ayin bina" nədir? Bu da əlavə olunmalıdır? Kilsənin ayınındə ola bilər. Kilsə niyə spirtli içkilərı qadağan eləməlidir ki? Bu mənada o ifadə dəqiq olmalıdır.
Narkotik vasitələr, silahlar, pornoqrafiya, tütün məmulatları. Burada da bir sistem olmalıdır. “Silah” bu cümlənin ortasına niyə girməlidir? Nə nəyə yaxındı, o, texnika ilə bir yerdə olmalıdır. Burada bir balaca da hiyleyi-şər edilibdir. Yəni “yol verilmir” ifadəsi saxlanılmaqdan ötrü zaman qoyulub. Bunun əvəzində yazmaq olardı ki, filan vaxtlarda yol verilir. Dəqiq olsun, bilinsin ki, söhbət nədən gedir. Fikir mətnin içərisində gizlədilməsin. “İctimai yayımçı bunu pozarsa, müvafiq məsuliyyət tədbirinin məzmunu barəsində dövlət orqanının müəyyən etdiyi vaxtda məlumatı verməlidir” məsələsində o məzmunun özü də icra orqanı tərəfindən müəyyənləşdirilməlidir. Çünki yayımçı ona qarşı yönəlmiş hər hansı bir cəza tədbirinin məzmununu elə verə bilər ki, cəzadan daha çox ayrı cür görünə bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova. Üzr istəyirəm, mən görürəm ki, bu, çox maraqlı bir mövzu oldu. İcazə versəniz, mən də öz fikrimi deyərdim. Bu, dediyiniz kimi, “Reklam haqqında” Qanun deyil, qanuna dəyişiklikdir. Milli Məclisdə biz ilk dəfə danışdıq ki, heç bir qanun ehkam deyil. Bəzi yoldaşlar deyirlər ki, qanuna yamaq eləyirik. Qanuna yamaq eləmirik, qanuna dəyişiklik eləyirik. Çünki həyat inkişaf eləyir. Hər qanun da vaxtı gələndə dəyişə bilər. Qanuna dəyişiklik etmək bizim qanunvericilik fəaliyyətimizdir. Amma texniki bir dəyişiklik olanda, bunu belə şişirtməyə ehtiyac yoxdur. Komissiyalarda buna baxılıb, amma bəzən həmin komissiya üzvləri burada təzədən suallar verirlər. Bunu bir az düzgün hesab eləmirəm. Verilən qanun həmin şəkildə müzakirə olunmalıdır.
Hər bir deputatın qanunvericilik təşəbbüsü hüququ var, komissiyada iştirak eləyə bilər. Ay yarım idi ki, bizim komissiyalar sərbəst idilər, işləyirdilər. Hansı məsələlər var idisə, qaldırmaq olardı. Komissiya sədrlərindən xahiş eləyirəm, həmişə yeni qanunlar icad eləmək lazım deyil. Köhnə qanunları götürək, onlara baxaq, keyfiyyətini qaldıraq. Bu məsələ hər dəfə deyilir.
Amma mən indi Gülər Əhmədovaya söz verdim, o danışacaq. Məsələlərə bu cür yanaşsaq, hesab edirəm ki, günün axırına o biri məsələlərimiz müzakirə edilməmiş qalacaq. Buyurun, Gülər xanım.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Çalışacağam, fikirlərimi çox qısa deyim. Burada hətta “Dədə-Qorqud”a müraciət də oldu. O səbəbdən ənənəni davam etdirərək demək istəyirəm ki, Elvin Toflerin çox məşhur bir əsəri var, orada göstərilir ki, qloballaşma dövründə insanların ən çox əziyyət çəkəcəyi məsələ ətraf mühitin çirklənməsi, atom silahları deyil, məhz psixoloji durumdur və gözlənilməyən məqamlarla üzləşmədir.
Doğrudan da, biz Azərbaycanda bu günə kimi bütün ailələrə və bizim ictimai şüurumuza hakim kəsilmiş bir çox məsələləri Avropa standartları ilə əvəz eləsək, bütün millət bu şoku yaşayacaq. Mən çox böyük minnətdarlıq hissi ilə demək istəyirəm ki, bu gün qapalı səhmdar cəmiyyətinə çevrilmiş Azərbaycan televiziyası yeganə məkandır ki, burada nəinki siqaret, içki, hətta bayaq dediyim kimi, hər bir azərbaycanlıda psixoloji baxımdan şok yarada biləcək bir çox məhsullar belə reklam olunmur. Bu baxımdan, Azərbaycan televiziyasının bu gün apardığı siyasəti dəstəkləmək və digər televiziyalar üçün örnək göstərmək lazımdır.
Bayaq Səməd müəllim qeyd elədi, doğrudan da, bu gün Avropanın özündə bu məsələlərə münasibət çox ciddidir. Siqaret və içkinin, ümumiyyətlə, insanların, bəşəriyyətin ziyanına olduğu artıq danılmaz bir faktdır. Mən bu qanun layihəsinə səs verəcəyəm, amma çox istərdim ki, gələcəkdə edəcəyimiz yeni dəyişikliklər məhz bu istiqamətdə olsun. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hələ keçən çağırışda bir neçə dəfə məsələ qaldırılmışdı ki, “Televiziya və radio yayımı haqqında” Qanuna yenidən baxmaq lazımdır. Bu, gündəmdə duran məsələdir. Biz müvafiq komissiyaya tapşırarıq ki, bu məsələ üzərində işləsin. Yaz sessiyasına çatmasa da, payız sessiyasında bu qanunu müzakirəyə çıxararıq.
Təklif var ki, qanun layihəsi səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.47 dəq.)
Lehinə 82
Əleyhinə 13
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Növbəti məsələ “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi və “Respublikada pul dövriyyəsini sadələşdirmək tədbirləri haqqında” Milli Məclisin 1995-ci il 28 mart tarixli 1004 nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədədir. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, vaxt məhdudiyyətinə görə qısaca məruzə edəcəyəm. “Siyasi partiyalar haqqında” Qanuna düzəliş edilir. Bilirik ki, “Azərbaycan Respublikasının Milli Bankı haqqında” Qanuna görə Milli Bankın İdarə Heyətinin üzvü siyasi partiyanın üzvü ola bilməz. Ona görə “Siyasi partiyalar haqqında” Qanunun 8-ci maddəsindəki siyahıya Milli Bankın İdarə Heyətinin üzvü də əlavə olunur.
İkincisi, “Milli Bank haqqında” Qanunun müddəalarına görə kredit təşkilatları tərəfindən məcburi ehtiyatların təmin edilməməsi inzibati xəta hesab olunur. Buna görə də İnzibati Xətalar Məcəlləsinə bir maddə əlavə olunur. Kredit təşkilatları tərəfindən Azərbaycan Respublikası Milli Bankının müəyyən etdiyi məcburi ehtiyatların təmin edilməməsinə görə vəzifəli şəxslər şərti maliyyə vahidinin 90 mislinədək, hüquqi şəxslər isə 300 mislinədək cərimə edilirlər.
Diqqətinizə çatdırım ki, həm də iki redaktə xarakterli düzəliş etmişik. Maddənin adında “təmin” sözü, sanksiyada isə “misil” sözü yaddan çıxmışdı. Xahiş edirəm, bu, nəzərə alınsın. Hesab edirəm ki, bu qanun layihəsi qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə. Məsələ Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında da müzakirə olunmuş və bu dəyişikliklərin edilməsi nəzərə alınmışdır. “Müflisləşmə və iflas haqqında” Azərbaycan Respublikasının Qanununa belə bir əlavə nəzərdə tutulur: “Bu qanun Azərbaycan Respublikasının Milli Bankına şamil edilmir”. Birinci dəyişiklik bundan ibarətdir.
İkinci, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa aşağıdakı məzmunda 3.2-ci maddə əlavə edilir: “Azərbaycan Respublikasının Milli Bankı dövlət rüsumunun bütün növlərinin ödənilməsindən azaddır”.
Vacib məsələlərdən biri də “Büdcə sistemi haqqında” Qanuna edilən əlavədir. Edilən əlavənin məzmunu belədir: “Büdcə layihəsinin müzakirəsi zamanı Azərbaycan Respublikası Milli Bankının İdarə Heyətinin sədri qarşıdakı il üçün pul siyasətinin əsas istiqamətləri barədə Azərbaycan Respublikası Milli Məclisinə məlumat verməlidir”. Bu vacib məsələni də komissiyada qəbul etmişik.
Digər dəyişiklik isə redaktə xarakterlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.3-cü maddəsində “bankının uçot faizi” sözləri “bankı tərəfindən müəyyən edilən uçot” sözləri ilə əvəz edilir.
Vacib məsələlərdən biri də ondan ibarətdir ki, 1995-ci il 28 martda Milli Məclis “Respublikada pul dövriyyəsini sabitləşdirmək tədbirləri haqqında” qərar qəbul etmişdir. 9-10 maddədən ibarət olan bu qərarın bütün müddəaları yerinə yetirildiyinə görə təklif olunur ki, bu qərar qüvvədən düşmüş hesab edilsin. Təklif edirik ki, qanun layihəsi səsə qoyulsun və millət vəkilləri buna münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Təklif olundu ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.51 dəq.)
Lehinə 86
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Hörmətli millət vəkilləri, gündəlikdə duran növbəti məsələ “Banklar haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edılməsi və bəzi qanunvericilik aktlarının qüvvədən düşmüş hesab edilməsi barədə qanun layihəsidir. Qanunvericilik təşəbbüsü subyekti tərəfindən Milli Məclisə məktubla müraciət olunub ki, layihədə dəyişikliklər olunacağı üçün bu gün bu məsələyə baxılmasın. Biz də bu müraciətlə razılaşmışıq.
Gündəlikdə duran sonuncu məsələ Azərbaycan Respublikasının Salyan rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi barədə qanun layihəsidir. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verilir.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, cənab Sədr. Qanun layihəsində Salyan rayonunun ərazisində yeni 5 inzibati ərazi dairəsi və bir ərazi vahidinin yaradılması nəzərdə tutulur. Aşağı Noxudlu kənd inzibati ərazi dairəsinin, Parça Xələc kənd inzibati ərazi dairəsinin, Həsənli kənd inzibati ərazi dairəsinin, Kərimbəyli kənd inzibati ərazi vahidinin və Yolüstü kənd inzibati ərazi dairəsinin yaradılması icra orqanlarını əhaliyə bir qədər də yaxınlaşdıracaq, onların məsələlərini həll etməkdən ötrü müəyyən şərait yaradacaqdır. Bu məsələyə komissiyada baxılıb və Milli Məclisə tövsiyə olunub ki, qəbul olunsun. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Başqa təklif yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.54 dəq.)
Lehinə 89
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Bu gün çox səmərəli işlədik, buna görə hamınıza təşəkkür edirəm. Növbəti iclasımız həftənin ikinci günüdür. Çox sağ olun.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi