2006-ci il 21 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  15

Milli  Məclisin  iclas  salonu.
21  aprel  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 103 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R. Süleymanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi sədrinin müşaviri.
Ə. Salmanov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin şöbə müdiri.
İ. Bayramov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti rəisinin müavini.
R. Gülmalıyev, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin şöbə müdiri.


* * *

N. Ələkbərov, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəisi.
M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi.
İ. Cəfərov, Azərbaycan Respublikası Baş Prokurorluğunun Hüquqi Təminat və Nəzarət İdarəsinin rəisi.
B. Hacıyev, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri.
M. Ağazadə, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi.
A. İbrahimov, Azərbaycan Respublikası Sərhəd Qoşunları Xidmətinin İstintaq-təhqiqat şöbəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. “Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və həmin Sazişin Protokolunun təsdiq edilməsi barədə.
3. Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında.
4. Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında.
5. Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında.
6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə.
7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
8. Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
9. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
10. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası və Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Sazişin və həmin Sazişin Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
8. Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
 

Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

21  aprel  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, əyləşəsiniz. Zəhmət olmasa, qeydiyyatdan keçin.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 97
Yetərsay 83

Çox sağ olun. Yetərsay var, iclasa başlaya bilərik. Milli Məclisin 21, 25 aprel tarixlərində keçiriləcək iclaslarının gündəliyi hamınıza paylanıb. Gündəliyə dair suallar yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 93
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Keçən iclasda müzakirələr vaxtı bir çox təkliflər, suallar verilmişdi. Onların üzərində Milli Məclisin Aparatında iş aparılıb. Cavablar hazırlanıb, komissiyalara təkliflər verilib. Bu sualları biz iclasdan sonra təhlil eləməyə hazırıq. Ona görə xahiş edirəm, kimin sualı varsa, gəlsin. Qalan məsələlərə komissiyalarda baxılacaq.
Əgər başqa suallar yoxdursa, gündəliyin birinci məsələsinə keçək. Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). İki komissiyada baxılıb. Rəbiyyət Aslanova - İnsan hüquqları daimi komissiyası.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə Azərbaycan Respublikası Prezidenti tərəfindən göndərilmiş Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında qanun layihəsi üçüncü oxunuşda təqdim olunur. 2006-cı il 7 mart tarixində birinci oxunuşda, 2006-cı il 4 aprel tarixində ikinci oxunuşda müzakirənizə çıxarılan qanun layihəsinə verdiyiniz rəy və təkliflər nəzərə alınmaqla qanun layihəsi üzərində ciddi iş aparılmış, bu gün bu sənəd yeni redaksiyada hazırlanmışdır. Bütün bu tövsiyələr üçün hər birinizə minnətdarlığımı bildirib, həmin dəyişiklikləri nəzərinizə çatdırırıq.
İlk növbədə vitse-spiker Valeh Ələsgərovun qeyd və təkliflərini nəzərinizə çatdırıram. Belə ki, qanun layihəsinin 7.8.3-cü maddəsində “dövlət reyestrinə daxil olan sənədləşdirilmiş informasiyanın unifikasiya edilməsi” ifadəsi “eyni şəklə salınması” ifadəsi ilə əvəz edilmişdir. Maddə 10.4 və maddə 10.9 Azərbaycan Respublikası vətəndaşlarının özləri və yaxın qohumları haqqında məlumat alması üçün hər iki halda yazılı müraciətlə yanaşı, şəxsiyyət vəsiqəsinin də təqdim olunması fikri məqsədəmüvafiq hesab edilmiş və qanun layihəsinə salınmışdır. Maddə 13-də “Dövlət reyestri dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir” cümləsi dövlət reyestrinin fəaliyyətini tam əhatə etmədiyindən həmin cümlənin “Dövlət reyestrinin formalaşdırılması və aparılması dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşdirilir” kimi yazılması məqsədəmüvafiq sayılmışdır.
Millət vəkili Əli Məsimlinin təklifi ilə qanun layihəsinin 2.1-ci maddəsində “təzələmək” sözündən əvvəl “daimi” sözü əlavə edilmişdir. 3-cü maddə daha da təkmilləşdirilərək “Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin hüquqi vəziyyəti haqqında”, “İmmiqrasiya haqqında”, “İnformasiya əldə etmək haqqında” qanunlar dövlət reyestri haqqında qanunvericilik aktlarının siyahısına əlavə edilmişdir.
Millət vəkili Fazil Mustafayevin təklifi ilə 2-ci maddənin 2-ci bəndi, yəni “Dövlət reyestri və onun informasiya sistemi Azərbaycan Respublikasının mülkiyyətidir” cümləsi 4-cü maddəyə keçirilərək 4.1-ci bənd kimi verilmişdir. 2.3-cü bənd isə, yəni “Dövlət reyestrinin məlumatlarından şəxslərin qanuni mənafelərinin ziddinə istifadə edilə bilməz” cümləsi 7-ci maddəyə keçirilərək 7.9-cu bənd kimi verilmişdir.
Biometrik məlumatların siyahısının verilməməsi haqlı iradlara səbəb olduğundan deputatlar Rövşən Rzayev və Ülvi Quliyevin təklifi ilə 6-cı maddə ilə müəyyən olunan dövlət reyestrinə daxil edilən məlumatların siyahısında verilmiş biometrik məlumatlar dəqiqləşdirilmiş, “qan qrupu, gözlərinin rəngi, boyu” sözləri əlavə edilmişdir. Sual oluna bilər ki, digər biometrik məlumatlar niyə yazılmamışdır. Məsələ burasındadır ki, şəxsiyyət vəsiqəsində olan məlumatlar olduğu kimi bura köçürülmüşdür. Zaman keçdikcə, həmin məlumatları almaq asanlaşdırıldıqca, görünür, bura əlavə ediləcək. Hələ ki, bu məlumatlarla məhdudlaşdırılıb.
Azərbaycan Respublikasının vətəndaşı vətəndaşlıqdan çıxdıqda onun fərdi identifikasiya nömrəsinin arxivləşdirilməsi, təkrar istifadəyə verilməməsi və həmin şəxsin Azərbaycan Respublikası vətəndaşlığını bərpa etdikdə onun əvvəlki identifikasiya nömrəsinin bərpa edilməsi yeni bənd kimi 8-ci maddəyə əlavə edilmişdir.
Bu qanun layihəsinin müzakirəsi zamanı Cəmil Həsənlinin, Vahid Əhmədovun, Rauf Əliyevin, Xanhüseyn Kazımlının, Aydın Mirzəzadənin, Vidadi Məmmədovun kifayət qədər gözəl fikirləri olmuş və bu fikirlər də qanun layihəsinin təkmilləşdirilməsinə öz töhfəsini vermişdir.
Sonda qeyd etmək istəyirəm ki, bəzi millət vəkilləri qanun layihəsində olan müəyyən texniki və orfoqrafik səhvlər haqqında da fikirlərini söyləmişlər. Tamamilə haqlı iradlar idi. Biz çalışmışıq ki, bu iradlar aradan qaldırılsın, qanun layihəsi mükəmməl şəkildə sizin diqqətinizə çatdırılsın. Qeydlər bu qədər.
Məqsədəuyğun sayılan, yəni burada öz əksini tapan bütün təkliflərinizə görə sizə minnətdarlığımızı bildiririk. Mən bizim hörmətli millət vəkillərini milli qanunvericiliyimizdə yeni və respublikamız üçün kifayət qədər vacib olan bu sənədə səs verməyə çağırıram. İnanıram ki, sənədin vacibliyini nəzərə alıb, onun qəbul edilməsinə səs verəcəksiniz. Çox sağ olun.
Sədrlik edən. Əli müəllim çıxış üçün təkid eləmirsə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.12 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Gündəliyin ikinci məsələsinə keçirik. İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirənizə “Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Saziş təqdim olunur. Milli Məclisin keçən iclaslarında biz ikiqat vergitutmanın qarşısının alınması barəsində müvafiq dövlətlərlə sazişlərin mahiyyəti, strukturu, əhəmiyyəti, meydana çıxacaq problemlər, onların həlli yolları barədə sizə ətraflı danışmışdıq. Ona görə mən indi bu Saziş barədə qısa məlumatla kifayətlənmək istəyirəm.
Son illər Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasında iqtisadi münasibətlərin inkişaf etdirilməsi istiqamətində bir sıra addımlar atılmışdır. Azərbaycan dövləti ilə Finlandiya dövləti arasında dövlət başçıları səviyyəsində aparılan danışıqlarda bu ölkələr arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi məsələləri də müzakirə olunmuşdur. Bu Sazişin Milli Məclis tərəfindən təsdiq olunması ölkələrimiz arasında iqtisadi münasibətlərin daha da genişləndirilməsini təmin edir. İqtisadi siyasət komissiyasında bu Saziş yüksək qiymətləndirilmişdir. Ona görə də sizdən xahiş olunur ki, bu məsələyə öz müsbət münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Bu məsələyə iki komissiyada baxılmışdır. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü Aydın Abbasov.
A. Abbasov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlar! Yuxarıda göstərilən qanun layihəsinə Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komissiyasının 2006-cı il 6 aprel tarixli iclasında baxılıb və komissiya üzvləri bu qanunla bağlı öz rəylərini bildiriblər. Azərbaycan Respublikası ilə Finlandiya Respublikası arasında siyasi və iqtisadi əməkdaşlığın vacibliyi qeyd olunub və yekdilliklə bu qanunun lehinə səs verilib.
Bu Sazişin qəbul olunması Azərbaycan Respublikasının beynəlxalq iqtisadi əlaqələrinin genişlənməsi və möhkəmlənməsinə xidmət edir. Bu Saziş iki dövlət arasında mövcud iqtisadi və ticarət əlaqələrinin genişlənməsinə, sahibkarlıq mədəniyyətinin artmasına gətirib çıxaracaq, əlaqələrin genişlənməsi nəticəsində mənfəətin artması müşahidə olunacaqdır. Bütün bunları nəzərə alaraq millət vəkillərinin bu Sazişə müsbət münasibət bildirməsini xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Nə təklif olacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.16 dəq.)
Lehinə  101
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi 0
İştirak edir        101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin üçüncü məsələsinə keçirik. Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə. Buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Yevlax və Tərtər, Beyləqan və Ağcabədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında qanun layihəsi Prezidentin qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunmuşdur. Layihədə Yevlax və Tərtər rayonlarının ərazilərinin 112, Beyləqan və Ağcabədi rayonlarının 500 hektar torpaq sahələrinin əvəzləşdirilməsi nəzərdə tutulur. Yevlax rayonu hələ sovet dövründən Tərtər rayonunun Bəyimsarov kəndinin ərazisindəki 112 hektar sahədən istifadə eləyib. Bu, su təminatı ilə əlaqədar olub. Burada su qurğuları yaradılıb. Elektrik xətti çəkilib, artezian quyusu qazılıb və bir neçə digər obyektlər tikilib. Faktiki olaraq Tərtər rayonunun Bəyimsarov qəsəbəsi bu torpaqlardan istifadə etməyib, bunlardan Yevlax rayonu istifadə edib və indi də Yevlax şəhərinin inkişafı ilə əlaqədar belə bir zərurət yaranıb ki, bu torpaq Yevlax rayonuna verilsin. Bunun müqabilində Tərtər rayonunun Bəyimsarov kəndinə Aran bələdiyyəsinin ərazisindən 112 hektar sahə verilir.
İkinci məsələ Beyləqan rayonunun Xaçınabad qəsəbəsi ilə bağlıdır. Bu qəsəbə Ağcabədi rayonunun ərazisində Beyləqan rayonuna uzunmüddətli istifadəyə verilmış torpaqlarda yerləşir. 1956-cı ildə burada neft kəşfiyyatı ilə əlaqədar bir qəsəbə yaradılıb. Sonra qəsəbə su sistemləri idarəsinin ixtiyarına verilib və orada müvafiq obyektlər tikilib. Əhali orada, əslində, kənd təsərrüfatı ilə məşğul olurdu. Ancaq orada kolxoz və ya sovxoz olmadığı üçün bu torpaqlar dövlət fondu torpaqlarıdır. Burada kolxoz və ya sovxoz olmadığı üçün torpaq islahatı zamanı bu əhaliyə torpaq payı verilməyib. İndi də belə vəziyyət yaranıb ki, qəsəbə Beyləqan rayonunun tərkibinə daxil olduğu halda, əslində, Ağcabədi rayonunun ərazisində yerləşir. Odur ki, belə qərar qəbul olunub. Yerli icra hakimiyyəti orqanları və əlaqədar təşkilatlar məsələ qaldırıblar ki, Beyləqan rayonuna Ağcabədi rayonunun ərazisindən 500 hektar torpaq sahəsi verilsin. Bu torpaq sahəsinin bir hissəsi bələdiyyəyə veriləcək və burada əhali pay torpaqlar alacaq, bir hissəsi də dövlət fondunda qalacaq. Bunun müqabilində Beyləqan rayonunun Ağcabədi ilə həmsərhəd hissəsindən Ağcabədi rayonuna 500 hektar torpaq sahəsi veriləcək. Bütün bu məsələlər lazımi qaydada əsaslandırılıb, razılaşdırılıb, sizin müzakirənizə təqdim olunur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Müzakirələrə başlayırıq. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Mən Arif müəllimin təklif elədiyi məsələni aydınlaşdırmaq məqsədi ilə bir sual vermək istərdim. Məlum olduğu kimi, Azərbaycan Respublikasında 10 ildən artıqdır ki, pay torpaqlarının verilməsi və özəlləşdirilməsi prosesi gedib. Bu gün bu rayonlar arasında dəyişdirilən ərazilər vətəndaşlara pay torpağı kimi verilibmi, verilməyibmi? Bir qayda olaraq, bu formada dəyişikliklər olanda vətəndaşlara verilən pay torpaqları Milli Məclisin qanununa istinad edilərək onların əlindən alınır və bu da ciddi narazılıqlara gətirib çıxarır. Mən bilmək istərdim, Yevlax rayonu ilə Tərtər, Ağcabədi ilə Beyləqan arasında o dəyişikliklərin obyekti olan torpaqlar vətəndaşlara pay torpağı kimi verilib, ya verilməyib? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Buyurun, Arif müəllim.
A. Rəhimzadə. Mən dedim, Beyləqanla Ağcabədi rayonu arasında olan bu torpaqlar dövlət fondu torpaqlarıdır, dövlətin mülkiyyətində olub və pay torpağı kimi heç kəsə verilməyib. Tərtər rayonunun Bəyimsarov kəndinin 112 hektar torpağından isə, əslində, yalnız Yevlax rayonu istifadə eləyib. Özü də bunun 20-30 il tarixi var. Bu torpaqların pay torpaqlarına heç bir aidiyyəti yoxdur və bu məsələ tərəflərin öz razılığı ilə müzakirəyə verilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sual yoxdursa, təklifi səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.23 dəq.)
Lehinə 96
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 4-cü məsələsinə keçirik. Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında qanun layihəsi diqqətinizə təqdim olunub. Əsasnamə və təsvirin təsdiq edilməsi parlament tərəfindən həyata keçirilməlidir. Təsvir də sizlərə təqdim olunub. Düzdür, ağ-qara rəngdə təsvir olunduğuna görə bəlkə də bütün detallar aydın görünmür. Mən yeganə rəngli nüsxəni cənab Sədrə təqdim etdim. Amma məlumat üçün onu deyə bilərəm ki, bütövlükdə bu medalın işlənib hazırlanması həm bütövlükdə bizim orden və medallar haqqında indiyə qədər formalaşmış təcrübəmizə uyğundur, həm də milli çalarlar kifayət qədər dəqiqliklə nəzərə alınmışdır. Xahiş edirəm, bunu nəzərə alasınız.
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının üç dərəcəsi müəyyənləşdirilir: 20 il xidmətə görə I dərəcəli medal, 15 il xidmətə görə II dərəcəli medal, 10 il xidmətə görə III dərəcəli medal. Bu medallarla daxili işlər orqanlarında, o cümlədən SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla 10, 15 və 20 il xidmət keçmiş əməkdaşlar təltif olunurlar. Bu təltif Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Bu da cənab Prezidentin fərmanı ilə tənzimlənəcək. Hesab edirəm ki, həm Əsasnamə, həm də təsvir normal tərtib olunub. Ona görə də bu qanun layihəsinə səs vermənizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə keçirik. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Belə bir medalın təsis edilməsinə mən müsbət baxır və hesab edirəm ki, daxili işlər orqanlarında çalışan on minlərlə fədakar əməkdaşın fəaliyyətini qiymətləndirmək üçün dövlət mükafatına ehtiyac var. Amma medalın adı və tərtibatı ilə bağlı mənim ciddi iradlarım var. Birincisi, medal “Qüsursuz xidmətə görə” adlanır. Qüsursuz xidmətə görə maaş verirlər, qüsursuz xidmətə görə vəzifəsini böyüdə bilərlər. Bu, ruscadan mexaniki tərcümədir. Rusca “bezupreçnıy” sözü var. Bu, Azərbaycan dilinə bir variantda “qüsursuz”, ikinci variantda “əla”, üçüncü variantda isə “fədakar” kimi tərcümə olunur. Ona görə də medalın adını “Qüsursuz xidmətə görə” qoymaq, mənə elə gəlir ki, düzgün olmazdı. Yaxşı olardı ki, medal “Fədakar xidmətə görə”, “Sədaqətli xidmətə görə” adlanaydı. Çünki qüsurlu işə görə insanı işdən azad edirlər, qüsursuz fəaliyyətə görə həmin insana, sadəcə olaraq, maaş verirlər. Yox, əgər fədakar xidmət edirsə, mükafatlandırırlar. Ona görə, mənə elə gəlir ki, bu medalın adında həmin söz göstərilməlidir. Ruscadan mexaniki tərcümə düzgün deyil.
Medalın tərtibatına da mənim ciddi iradlarım var. Mən çox istərdim ki, burada tərtibatçı rəssam da iştirak edə və bizim suallarımıza cavab verəydi. Birinci iradım. Nəyə görə bizə rəngli təsvir verilməyib, nəyə görə medalın təsvirinə bir qədər təhrif olunmuş formada baxırıq? Medalın üst hissəsində Daxili İşlər Nazirliyinin adı yazılıb. Hansı dövlət mükafatının üstündə dövlət orqanının adı yazılır? Birinci dəfədir ki, biz medalın üzərində nazirliyin adını görürük. Sabah cənab Prezidentimiz nazirliyin adını dəyişsə, - dövlət idarəetmə orqanlarının strukturunun təkmilləşdirilməsi ilə bağlı sərəncamlara vaxtaşırı rast gəlirik, - belə çıxır ki, medalın təsviri ilə bağlı məsələyə yenidən baxmalı olacağıq. Birinci dəfədir ki, medalın üzərində təşkilatın adını görürəm.
İkincisi, medalın adının medalın arxa tərəfində yazılmasına birinci dəfədir, rast gəlirəm. Deməli, kimdəsə biz bu medalı görəriksə, onun hansı medal olduğunu bilmək üçün çevirib arxasına baxmalıyıq. Ona görə də mən çox istərdim ki, medalın adı onun üst hissəsində olaydı.
Bir sözlə, ad məsələsi və təşkilatın adının medalın üstündə həkk olunması məni çox qane eləmədi. Belə də mən qərar layihəsinin əleyhinə səs verə bilmərəm. Çünki qərar layihəsi siyasətini və fəaliyyətini təqdir elədiyim, bəyəndiyim Prezidentin imzası ilə gəlib. Amma eyni zamanda, bildirdiyim iradlar da məndə narahatlıq doğurur. Ona görə, çox təəssüf ki, qanun layihəsinə bitərəf qalacağam. Sağ olun.
Sədrlik edən. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar! Mən də daxili işlər orqanlarında çalışan əməkdaşların fəaliyyətinin qiymətləndirilməsi üçün belə bir medalın təsis olunmasına və Milli Məclis tərəfindən təsdiqlənməsinə tərəfdaram. Amma mənim də bir neçə iradım vardır ki, bunlardan bəzilərini məndən əvvəl danışan deputat həmkarım Aydın Mirzəzadə dedi.
Təklif olundu ki, burada “qüsursuz” sözü “fədakar”, “rəşadətli”, “ədalətli” sözləri ilə əvəz edilsin. Bu öz yerində. Amma burada texniki bir məsələ var. 1-ci maddədə deyilir: “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvimi hesablama ilə 10, 15 və 20 il xidmət keçmiş...” Yaxşı olar ki, burada “il” sözündən sonra “qüsursuz” sözünü yazaq. Bu, yerinə düşərdi.
Bundan başqa, burada 10, 15 və 20 il məsələsi göstərilir. Bu, medalın üstündə də göstərilib. Yəqin, deputat həmkarlarım da mənimlə razılaşarlar ki, medalın üstündə xidmət ilinin göstərilməsi bizə heç nə vermir. Bunu ayrı cür yazmaq olmazdımı?
Bütünlüklə mən də bu qanun layihəsinin təsdiq olunmasının tərəfdarıyam. Amma zənnimcə, burada mənim və deputat həmkarlarımın dedikləri fikirlərin, əlavələrin nəzərə alınması məqsədəuyğun olardı. Mən bu qanuna səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, təqdirəlayiqdir ki, bu gün müstəqil Azərbaycan dövlətinin özünün müvafiq orden və medalları, ayrı-ayrı strukturlarının medalları təsis olunur. Hesab edirəm ki, cənab Prezident tərəfindən göndərilən qanun layihəsində bu, tamamilə öz əksini tapıb. Söhbət spesifik bir təşkilatın medalından gedir. Baxın, var “Şeyxülislam” ordeni. Orada yazılmayıb ki, Azərbaycan Respublikasının dövlətinin ordeni. Bu, “Şeyxülislam” strukturunun ordenidir. Bu da Daxili İşlər Nazirliyinin medalıdır. Bunu hər hansı bir fermerə, hər hansı bir alimə, professora, yaxud başqa şəxsə vermək olmaz. Bu, sırf daxili işlər strukturlarında çalışan insanlara verilir.
Adətən, orden və medallar xüsusiyyətlərinə görə bölünür. Məsələn, keçmiş sovet dövlətində “Suvorov”, “Kutuzov” ordenləri ancaq hərbçilərə verilirdi. Onu əməkdə və ya partiya, sovet işində fərqlənən insana vermirdilər. Elə orden və medallar var ki, ümumi xarakter daşıdıqları üçün onları bütün insanlara vermək olur. Məsələn, fərqlənmə ordeni, medalı, qəhrəmanlığa görə, igidliyə görə və sair. Azərbaycanda igidliyə görə medalı təsis olunub. Əgər hər hansı bir insan igidlik göstərirsə, bu igidliyə görə nazirlik təqdimat yazır və cənab Prezident də onun igidliyini o medalla və ya daha böyük qəhrəmanlıq göstərsə, ordenlə qiymətləndirir.
“Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalında da “qüsursuz xidmətə görə” sözləri tamamilə düzgün göstərilib. Qüsursuz xidmətə görə. Bu ondan ötəridir ki, hər bir şəxs, tutalım ki, 10 il qulluq eləyib, 20 il qulluq eləyib, elə hamısına ucdantutma vermək olmaz. O adamlara verilməlidir ki, onların fəaliyyətində hər hansı bir qüsura yol verilməyibdir və nümunəvi xidmət göstəribdir. Bu nöqteyi-nəzərdən tamamilə doğrudur. Bu bir strukturun medalıdır. Yazılışı da tamamilə düzgündür.
Burada dərəcələr müəyyən olunub. Keçmişdə “Qəhrəman ana” adı verilənə qədər 3 dərəcə medal verilirdi. Onda da medalın üzərində dərəcələr göstərilirdi. 3 uşağı olanda III dərəcə verirdilər, 5 uşaq olanda bir dərəcə verirdilər, 7 olanda birini verirdilər, 10 olanda “Qəhrəman ana” adı verirdilər. Yəni belə medallarda, ordenlərdə dərəcələr həmişə göstərilibdir.
Mənim bir təklifim var. Bu medalın hansısa bir maddi təminatı da olsun. Yəni bu medalı alan şəxsə müəyyən məbləğdə pul vəsaiti də ayrılsın. Bəzi ordenlərdə bu var. Məsələn, “Şöhrət” ordeni alana aylıq olaraq 150 min manat pul verilir. Bu medalda da müəyyən miqdarda pul vahidi öz əksini tapsa, daha məqsədəuyğun olar. Təşəkkür edirəm. Təklif edirəm, səsə qoyaq. Cənab Prezidentdən gəlmiş qanun layihəsidir. Bunu qəbul eləyirik. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Belə bir qanun layihəsinin bu gün müzakirə edilməsi və “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının təsis edilməsi vaxtı çatmış bir məsələdir, çünki ölkədə asayişin təmin olunması, dövlət quruculuğunun müvəffəqiyyətlə həyata keçirilməsi və inkişaf etdirilməsi sahəsində, həqiqətən, bizim daxili işlər orqanları əməkdaşlarının çox böyük əməyi vardır. Onların daha da həvəsləndirilməsi üçün belə bir medalın təsis edilməsi çox lazımlı bir şeydir.
Amma burada müəyyən iradlar tutulur. Mən öz fikrimi deyirəm. Bu medalın əsasnaməsində göstərilir ki, o, 10 il xidmətə görə, 15 il xidmətə görə və 20 il xidmətə görə verilir. Amma məncə, burada “10 ildən çox”, “15 ildən çox”, “20 ildən çox” sözləri yazılsaydı, daha yaxşı olardı. Təklif edirəm, səsə qoyaq və bu layihəni təsdiq eləyək. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Adil Əliyev.
A. Əliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, bu gün gündəlikdə olan bütün məsələlərin lehinə səs verməyə hazırlaşmışam. Ancaq bir polis işçisi kimi bu medalın təltifi ilə əlaqədar söz deməmək mənim üçün bir balaca günah olardı.
Hörmətli həmkarlarımız düzgün qeyd elədilər ki, bu 3 medala ayrılan vəsait polis işçilərinin maaşına və ya həmin işçilər pensiyaya gedəndə onların pensiyasına əlavə edilə bilərdi.
Əli müəllimə mənim bir sualım var. Bu qanun qəbul edildiyi gündən şamil olunacaq. Bəs bu günə kimi xidmət etmiş polis işçiləri bu medalla təltif olunacaqlarmı? Bu sualıma, xahiş edirəm, Əli müəllim çıxışında cavab verəydi. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsinin bu gün təsdiq edilməsi, doğrudan da, çox vacib və təxirəsalınmaz məsələlərdən biridir. Çünki Azərbaycan dövlətçiliyinin, ümumiyyətlə, dövlətçiliyin möhkəmlənməsində daxili işlər orqanları çox böyük fəaliyyət göstərirlər. Ona görə də onların qüsursuz fəaliyyətinin qiymətləndirilməsi, bu və ya digər şəkildə mükafatlandırılması çox vacibdir. Bu onları həvəsləndirmək və öz işlərinə sədaqətini bir qədər də möhkəmləndirmək vəzifəsi daşıyır. Ona görə də bu çox vacibdir.
Ancaq burada çıxış eləyən deputatlar müəyyən məsələləri qaldırdılar. Şəxsən mənim fikrim ondan ibarətdir ki, “qüsursuz xidmətə görə” ifadəsi bir qədər dəqiqləşdirilməlidir. Onu düzgün təklif elədilər. Əvvəla, Daxili İşlər Nazirliyinin işçisi vaxtından tez də işə gələ bilər, vaxtında işdən gedə də bilər və işdə otura da bilər, işləyə də bilər və heç bir qüsuru da olmaz. Belə çıxır ki, bunların hamısına medal vermək lazımdır. Ona görə də mən təklif eləyirəm ki, “qüsursuz” sözü ilə yanaşı orada bir “fədakar” sözü də yazılsın – “qüsursuz və fədakar fəaliyyətinə görə”. Vaxtında gəlib vaxtında getmək və xüsusi bir fədakarlıq göstərmədən qüsursuz işləmək olar. Belə çıxır ki, hərəyə bir medal vermək lazımdır. Bu mənada o sözü artırmağa çox ciddi bir ehtiyac var.
Burada təklif olundu ki, bu medallar verilərkən filan məsələlər nəzərə alınsın. Heç unutmaq lazım deyil ki, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, başqa nazirliklər öz sahələri üçün müəyyən mükafatlar, medallar, ordenlər təsis eləyə bilərlər. Bu, sahə adamları üçündür. Hər bir qüsursuz işləyən adama Daxili İşlər Nazirliyinin medalını verməyəcəklər ki. Ona görə bu sahə üzrə verilən həmin medalın strukturu öz Əsasnaməsinə tam uyğundur.
Burada bir məsələ də qalır. Daxili işlər orqanlarında 20 il işləyənə I, 15 il işləyənə II, 10 il işləyənə III dərəcəli medal veriləcək ki, bunlar da bir-birindən seçilən şəkildədir. Birinə qızılı lövhə asılacaq, o birinə yox. Burada dəqiqləşmə getsə, daha yaxşı olar, çünki yazısı arxasında olacaq, üstündə bilinməyəcək. Yenə camaat fikirləşəcək ki, filan lövhə varsa, bu, demək, I dərəcəlidir, yoxdursa, III dərəcəlidir, heç nə yoxdursa, bu lap ali dərəcəlidir. Yəni burada müəyyən dəqiqləşməyə ehtiyac var. Ümumiyyətlə, bu Əsasnamənin qəbul edilməsinə mən tərəfdaram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun, Oqtay müəllim. Ümumilikdə, mən də hesab eləyirəm ki, polis orqanlarında işləyən və nümunəvi fəaliyyət göstərən hər bir polis işçisi fərqləndirilməlidir və bu medalın da Əsasnaməsinin və təsvirinin Milli Məclisdə təsdiq olunmasının tərəfdarıyam. Ancaq mən bir şeyi həmkarlarımın nəzərinə çatdırım ki, polis orqanlarında bu gün qüsursuz fəaliyyət göstərən polis işçiləri qiymətləndirilmir, fərqləndirilmir. Mən hesab edirəm, nə qədər ki Daxili İşlər Nazirliyində struktur, kadr dəyişiklikləri aparılmayıb, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalı təqdim olunmayacaq. Ən azı bu gün Ramil Usubov polisdə qüsursuz xidmət göstərən polis işçilərinə bunu verməyəcək.
Mən Aydın Mirzəzadənin təklifini müdafiə edir və hesab edirəm ki, hörmətli Əli müəllim bu medalın rəngli nüsxələrini deputatlara paylamalıdır və bizlər burada olan rənglərin necə təsvir olunmasını aydın görməliyik. Ondan sonra Milli Məclis bu layihəyə münasibət bildirə bilər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Bu qanun layihəsi ölkə Prezidenti tərəfindən təqdim olunub və bütün parametrlərinə, bütün cəhətlərinə görə məqbuldur. Burada bəzi deputatların, hörmətli həmkarlarımızın söyləmiş olduğu iradları mən qəbul etmirəm və onların subyektiv fikirləri kimi qiymətləndirirəm. Yaddan çıxarmaq olmaz ki, burada Siyavuş Novruzovun da söylədiyi kimi, Daxili İşlər Nazirliyi xüsusi xarakterli dövlət qurumudur və Daxili İşlər Nazirliyinin Azərbaycan dövləti qarşısında, Azərbaycan dövlətçiliyi qarşısında xidmətləri danılmazdır. Azərbaycan özünün müstəqilliyini əldə edəndən bu günə qədər istər erməni təcavüzünə qarşı müharibədə, istərsə də ölkədə ictimai-siyasi sabitliyin qorunub saxlanması, qanunların təsbit edilməsi sahəsində daxili işlər orqanları öz üzərlərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetiriblər. Ona görə mən burada daxili işlər orqanlarının ünvanına söylənilən iradları, tənqidləri qəbul etmirəm və düşünürəm ki, bunlar qərəzli tənqidlər, fikirlərdir.
Mən medalın adı ilə də bağlı fikrimi söyləmək istəyirəm. Burada söylənilir ki, bu, fədakarlığa görə medalı olmalıdır və sair. İgidliyə görə medal var. İgidliklə fədakarlıq, əslində, bir-birini tamamlayan, eyni mənanı kəsb eləyən anlayışlardır. Ona görə də elə medalın adının bu şəkildə qoyuluşu, məncə, daha düzgündür. Həm də bu, daxili işlər orqanlarında xidmət eləyən insanların stimullaşmasında ciddi rol oynaya bilər.
Ona görə, cənab Sədr, mən bu iradları qəbul etmirəm və hörmətli millət vəkillərinə müraciət edərək təqdim edilmiş layihəyə müsbət münasibət bildirmələrini xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Əslində, son dərəcə aydın bir qanun layihəsi haqqında bəlkə də çoxlu fikir söyləməyə ehtiyac olmazdı. Lakin burada bəzən, sadəcə, kiminsə şəxsi münasibətindən və ya sözünün, xahişinin yerinə yetirilməməsindən irəli gələn fikirlər söyləndi, o cümlədən daxili işlər orqanlarının fəaliyyətinə siyasi münasibətlər bildirildi. Halbuki burada söhbət konkret qanun layihəsindən gedirdi. Daxili işlər orqanlarına bu mənada siyasi münasibətin bildirilməsi üçün bəlkə ayrı dövr əlverişli olardı.
Mən bizim həmkarlara bəri başdan xatırlatmaq istəyirəm ki, cənab Prezident yanında Heraldika Şurası var. Xatirimdədir ki, bir müddət bundan öncə bununla bağlı yeni bir sənəd imzalandı. Parlamentin müzakirəsinə təqdim olunan hər hansı bir sənədlə əlaqəli həm beynəlxalq praktikada mövcud olan mütərəqqi təcrübə, həm də Azərbaycanın, ümumilikdə, orden və medallar sistemində müxtəlif sahəli orden və medalların forması, verilmə qaydası və sairlə bağlı dəqiq təyinatlar var. Ona görə də düşünmürəm ki, bu elə-belə, sadəcə, bir rəssam fantaziyasından irəli gələn bir sənəddir. Yeri gəlmişkən deyim ki, burada “qüsursuz” sözü özündə hər şeyi ifadə eləyir. O elə həm igidlik, həm fədakarlıq, həm də saflıq, yaxşı inzibatçılıqdır, vətəndaşa normal münasibət və sairdir.
Mən də hörmətli həmkarlarım kimi, Azərbaycan polis orqanlarının, hüquq mühafizə orqanlarının Azərbaycan cəmiyyəti və dövlətçiliyi qarşısında, demək olar, gündəlik böyük fəaliyyətinin bu cür mənəvi stimullaşdırılmasını məqbul hesab edirəm. Burada söylənən qərəzli fikirləri qəbul eləmirəm və bu qanun layihəsinin lehinə səs verəcəyimi bəyan eləyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Çox sağ olun, cənab Sədr. Əlbəttə, “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının təsis olunması vaxtı çatıb. Həqiqətən, dövlət müstəqilliyinin, eyni zamanda, ictimai asayişin qorunmasında bizim daxili işlər orqanları əməkdaşlarının, şəxsən Ramil Usubovun böyük xidmətləri var. Bu medalın bu gün təsdiq edilməsi polis işçilərinin əməyinə verilən qiymət olardı.
Burada yazılıb 10 il, 15 il, 20 il. Məni bir şey maraqlandırır. Ola bilər, 10 il qüsursuz xidmətinə görə medal almış polis işçisi 10 ildən sonra işində bir qüsura yol versin. Onda necə olacaq? İstərdim, Əli müəllim buna bir aydınlıq gətirsin. Yaxşı olardı ki, yalnız bir müddət qoyulsun və bu medal yalnız bu müddətdə qüsursuz xidmətə görə təqdim olunsun. Eyni zamanda, Siyavuş Novruzovun da təklifi ilə razı olardım ki, həmin medala görə müəyyən qisim də maliyyə yardımı təyin edilsin. Ümumilikdə götürəndə, mən də hesab edirəm ki, cənab Prezident tərəfindən təqdim olunmuş bu Əsasnamə təsdiq olunmalıdır və həmkarlarımı da buna səs verməyə çağırıram.
Sədrlik edən. Sağ olun. Aqil Abbasov.
A. Abbasov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəla, burada il məsələsinə toxunub deyirlər ki, 10 il, 15 il, 20 il əvəzinə bir vahid il olsun. Amma bu çox düzgündür. Gənc polis işçisi 10 il xidmət eləyir və bu medalı alanda ruhlanır, ona bir istək gəlir. Gözləsin ki, 20 il əvvəl polisdə işləyib can qoyandan sonra buna nəsə bir ad verəcəklər? Elə bir 10 ildən sonra alsa, daha ürəkli olar. Medalın dərəcələrə bölünməsi çox düzgündür. Söyləyirlər ki, xidmət illərini bunun arxasına yazıblar. Əvvəla, indiyə qədər də belə medallar və ordenlər verilib. Məsələn, sovet dönəmində “Sosialist əməyi qəhrəmanı” ordenini biri pambıq yığmağa görə alırdı, biri də ev tikməyə görə. Üstünə yazaydılar, pambığa görə alıb, yoxsa ev tikməyə görə alıb? Bu mənada onun üzərində ili, dərəcəsi göstərilibdir. Millət vəkilləri rəngli şəklini istəyirlər. Neyləyirsiniz? Evə vurmayacağıq ha? Burada bunun hamısı aydın görünür, bilinir. Bunun rəngləri ilə bağlı nə mübahisəli bir şey var ki? Biz ordenlərin rənglərini bilirik. Bu mənada hazırlanıb, əziyyət çəkilib, o illər də düzgün göstərilib. Ola bilər ki, burada “10 ildən artıq“, “15 ildən artıq”, “20 ildən artıq” sözləri yazılsın.
Medalın adı ilə bağlı söhbət gedir. Mən də dilçiyəm. “Qüsursuz” sözü mübahisə obyekti olub. Sovet hökumətini sevsək də, sevməsək də, məhv olsa da, o vaxt da belə medallar vardı. O vaxt “Əlaçı milis işçisi” sözləri var idi. Bax, orta məktəbi Ziyafət müəllim “5”lə qurtarıb, qızıl medal alıb. Mən “5”lə qurtarmamışam, medal almamışam. Onda əlaçı adı var idi. Bu medal da “Əla xidmətə görə” adlansaydı, bəlkə daha yaxşı olardı, yəni ona daha uğurlu ad seçilə bilərdi. Burada biz o dəqiqə söhbətin mövzusunu dəyişib keçdik polisə ki, filankəs belə işləyir. Azərbaycan polisi çox yaxşı işləyir. Səfeh polisi işdən qovurlar. Amma burada Ramil Usubovun və ya kiminsə adının çəkilməsi... Bu, daxili işlər naziri üçün nəzərdə tutulmayıb. Daxili İşlər Nazirliyindən yüzü gəlib gedib. Xahiş edərdim, belə söhbətlərə siyasəti qatmayaq. Medalımıza baxaq. Bəyənirik, bəyənirik, bəyənmirik, bəyənmirik. Xahiş eləyirəm, səs verək.
Sədrlik edən. Sağ olun. Əhəd Abıyev.
Ə. Abıyev. Cənab Sədr, hörmətli millət vəkilləri! Birmənalı olaraq bildirmək istəyirəm ki, bu gün Azərbaycan Respublikasının daxili işlər orqanlarında kifayət qədər peşəkar polis işçiləri var. Bu gün ölkədə sabitliyin yaranmasında əməyi, zəhməti olan, həqiqi mənada peşəsini qəlbən istəyən polis işçiləri çoxdur. Biz bunları qiymətləndirməkdə, dövlət səviyyəsində bunlara qiymət verməkdə hələ bir az gecikmişik. Buna görə gündəlikdə olan məsələ ilə bağlı mən də təklif eləyirəm, məsələni səsə qoyaq. Aqil Abbasov öz münasibətini çox gözəl bildirdi. Daxili işlər orqanları əməkdaşlarının, istər vəzifəli, istərsə də sıravi polis işçilərinin bu dövlətçilikdə əməyi, zəhməti olub və olacaq. Bir daha xahiş edirəm, bu məsələyə hamılıqla səs verək. Təklif var ki, Oqtay müəllim, məsələni səsə qoyaq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxışa yazılanlardan təkcə Vasif Əliyev qalıb. Ondan sonra suallara cavab verib məsələni səsə qoyarıq. Vasif Əliyev.
V. Əliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunan bu sənəd çox düzgün işlənilmiş və vaxtında hazırlanmış qanundur. Milli Məclisə təqdim olunana qədər bu qanunun üstündə çoxlu sayda mütəxəssislər işləyib, onu cilalayıblar. Ona görə gəlib bu gün hazır vəziyyətdə bizim qarşımıza çıxıb. Bizim bu gün dövlətçiliyimizin qorunmasında polis işçilərinin çox böyük əməyi var. Daxili işlər naziri cənab Ramil Usubovun, onun bütün əməkdaşlarının əməyi həddindən artıq böyükdür. Ona görə bu medalın verilməsi də çox düzgün və vaxtında atılmış addımdır. Mən bütün deputat həmkarlarımdan xahiş edirəm, bu qanun layihəsinə səs verək, bu, qəbul olunsun. Daxili işlər orqanlarında işləyən işçilərimizin həvəsləndirilməsində bunun çox böyük köməyi olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Bəzi məsələlərə çıxışlarda aydınlıq gətirildi, müəyyən suallar cavablandırıldı. İcazə versəydiniz, Əli müəllim qalan suallara cavab verərdi, sonra məsələni səsə qoyardıq. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Təşəkkür edirəm, cənab Sədr. Mən bütün millət vəkillərinə təşəkkür edirəm ki, onlar bu məsələnin müzakirəsinə fəal qoşuldular. Düzdür, müəyyən fikirlərin səslənməsi mənim üçün də gözlənilməz oldu. Amma ilk növbədə həmkarlarım Siyavuş müəllimə, Fəzail müəllimə, Zahid Orucova, Aqil müəllimə və sonda Vasif müəllimə təşəkkür edirəm ki, bu məsələyə münasibətdə çox sağlam dövlətçi və peşəkar bir münasibət göstərdilər, meydana çıxmış məsələləri düzgün cavablandırdılar.
Sözsüz ki, cənab Prezident tərəfindən “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının və bir qədər sonra müzakirə edəcəyimiz “Polis veteranı” haqqında medalının Əsasnaməsi və təsvirinin təsdiq edilməsi haqqında qanun layihəsinin parlamentə təqdim olunması təsadüfi deyil. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə uzun illər daxili işlər orqanlarının formalaşması prosesi keçmişdir. Hamımız razılaşarıq ki, ən azından vaxtilə torpaqlarımızın müdafiəsi uğrunda, Dağlıq Qarabağ uğrunda gedən döyüşlərdə şəhid olmuş polis əməkdaşlarının ruhu naminə bu sahədə vicdanla fəaliyyət göstərən insanların xidmətinə biz müsbət qiymət verməliyik. Azərbaycanda ictimai-siyasi sabitliyin qorunub saxlanmasında, bərqərar olmasında, bu gün isə cinayətkarlığa qarşı mübarizədə daxili işlər orqanları əməkdaşlarının xidməti danılmazdır. Daxili işlər orqanının rəhbəri haqqında, daxili işlər orqanları haqqında səslənən subyektiv fikirlər isə qəbul oluna bilməz.
Oqtay müəllim, məndə belə bir təsəvvür yarandı ki, parlamentdə ordenlər və medallar haqqında bir qanunun qəbul edilməsinin vaxtı çatıb. Dəfələrlə mən ordenlərlə və onların təsviri ilə bağlı məruzələr etmişəm. Yazılış qaydası ilə bağlı müxtəlif suallar meydana çıxır və səbəb də aydındır. Mən çıxışımda qeyd etdim ki, Azərbaycan parlamentinin orden yaradıcılığı ilə bağlı təcrübəsi var. Amma buna baxmayaraq, xüsusi qanunumuz yoxdur. Siz bizə tapşırıq versəniz, biz artıq bu sahədə işləməyə başlayarıq ki, bundan sonra əlimizdə bütün ordenlərin, medalların qəbulu ilə bağlı vahid bir sənəd olsun. Belə olarsa, əsasnamələrin quruluşu da artıq vahid bir sxemə düşmüş olar.
Burada Fəttah müəllim və Aqil müəllim 15 il, 20 illə bağlı yazılışa bir təklif etdilər. Mən bu təkliflə razıyam. Çünki həqiqətən, ola bilər ki, hər hansı bir şəxs, məsələn, 12 il qüsursuz xidmət eləyib. Onda necə olacaq? Bəli, burada düzəlişə ehtiyac olacaq və bunu edəcəyik.
Aqil müəllim sual ünvanladı ki, indiyə qədər xidmət göstərmiş şəxslər təltif olunacaqmı. Əlbəttə, bu qanunun mahiyyəti elə bundan ibarətdir. Bu, geriyə şamil olunur. Belə şəxslər var və yəqin ki, onlar da təltif olunacaqlar.
Adı ilə bağlı həmkarımın fikrini birmənalı dəstəkləyirəm. Daxili işlər orqanlarında çalışaraq cinayətkarlığa qarşı mübarizədə fədakarlıq göstərən insanlar var. O sahədə fədakarlıq göstərmiş insanlarla bağlı medallarımız, ordenlərimiz mövcuddur. Bu, sırf daxili işlər orqanlarında müəyyən bir dövr ərzində nümunəvi, - əslində, “qüsursuz” sözü, həqiqətən, bunu ehtiva eləyir, - xidmət göstərmiş insanların təltif olunması üçün nəzərdə tutulur. Bu baxımdan burada ən uğurlu ad elə “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” adıdır. Ona görə hesab edirəm ki, cənab Prezident tərəfindən bu çox vaxtında təqdim olunub və əminəm ki, Azərbaycanda daxili işlər orqanlarında qüsursuz xidmət edən insanların təltifi baxımından bu çox vacib bir məsələdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Mənə belə gəlir ki, suallara qənaətbəxş cavab verildi. Təklif oldu ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.00 dəq.)
Lehinə 97
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu məsələyə dair? Mənə sualınız var? Gündəlik qurtarsın, sual verərsiniz. Gərək indi Məclisdə verəsiniz? Buyurun.
S. Rüstəmxanlı. Oqtay müəllim, bu, gündəliyə düşmür və cari məsələlər də bu gün yoxdur. Amma bu məsələni indi deməliyəm. Bu da bizim millət vəkillərinə münasibət ilə bağlıdır. Bilirsiniz ki, bu gün bizim xalq şairi Süleyman Rüstəmin yubileyi ilə bağlı Respublika sarayında tədbir keçiriləcək. Milli Məclis üzvlərinə dəvətnamə verilməyib. O sarayın 2500 yeri var. Mən bilmirəm, bura Milli Məclisin deputatları dəvət olunmursa, o 2500 yeri kimlər tutacaq, o tədbirdə hansı ziyalı təbəqəsi, hansı zümrə iştirak eləyəcək? Tək bu deyil. Azərbaycanda son vaxtlar, ümumiyyətlə, bir sıra ciddi mədəniyyət hadisələri olur, tədbirlər, yubileylər keçirilir. Mən yazıçıyam. Nə cür olur ki, yazıçının yubileyində Milli Məclisin şoferinə, şöbə müdirinə dəvətnamə verilir, amma yazıçılara, bu işə aidiyyəti olan adamlara dəvətnamə çatmır? Ona görə də mən sizə bunu çatdırmaq istəyirdim ki, bu məsələdə bir az diqqətli olsunlar. Sağ olun.
Sədrlik edən. Sabir müəllim, bu məsələnin yeri deyildi, hərçənd söz istədiniz. Siz deyirsiniz, Milli Məclisin şoferi, şöbə müdiri. Milli Məclisin şoferinə, şöbə müdirinə nə olub ki? Onlar insan deyillər? Bu birincisi. İkincisi, müraciət edərdiniz, mədəniyyət naziri ilə danışardıq, görək bu nə məsələdir. Gündəliklə əlaqədar danışırıq, bu sualları ortaya çıxarırsınız.
Gündəliyin 5-ci məsələsinə keçirik. Azərbaycan Respublikasının “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! “Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında qanun layihəsi də bizə cənab Prezident tərəfindən təqdim olunub. Medalın Əsasnaməsində deyilir: “Polis veteranı” medalı ilə Azərbaycan Respublikasının daxili işlər orqanlarında təqvim hesablanması ilə 30 il və daha çox (SSRİ daxili işlər orqanlarında xidmət müddəti də nəzərə alınmaqla) nümunəvi xidmət etmiş əməkdaşlar, daxili işlər orqanlarının fəaliyyətinə öz təcrübəsi, bilik və bacarığı ilə yaxından kömək edən, bu və ya digər formada daxili işlər orqanlarının inkişafı və möhkəmləndirilməsində fəal iştirak edən daxili işlər orqanlarının əməkdaşları təltif edilirlər”. Bu məsələ ilə bağlı biz işçi qrupunda müzakirə aparmışıq və hesab edirik ki, Əsasnamənin 1-ci bəndində bu cümlə bir qədər mürəkkəbdir, üslubi baxımdan düzəlişə ehtiyac var. İşçi qrupu, Daxili İşlər Nazirliyinin nümayəndəsi də bizimlə razıdır. Burada müəyyən düzəliş edəcəyik.
“Polis veteranı” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında qanunun da qəbul edilməsi çox vacibdir. Azərbaycan Respublikasının daxili işlər orqanlarında çoxlu sayda insanlar var ki, artıq 30 il və daha çox xidmət etmişlər. Bu əməkdaşlar öz təcrübələri, bilik və bacarıqları ilə indi də daxili işlər orqanlarının fəaliyyətinə yaxından kömək edir, daxili işlər orqanlarının inkişafı və möhkəmləndirilməsi prosesində iştirak edirlər. Daxili İşlər Nazirliyi ilə daxili işlər orqanlarında çalışmış polis veteranları arasında çox səmərəli, çox səmimi münasibət qurulubdur. Belə bir medalın qəbul edilməsi polis veteranlarının əməyinə verilən yüksək qiymətin təzahürü olacaqdır. Odur ki, hesab edirəm, bunu da qəbul etmək lazımdır.
Bundan əvvəl müzakirədə unutduğum bir məsələni diqqətə çatdırmaq istəyirəm. Kimsə təltif olunubsa və sonradan hər hansı bir pozuntuya, hər hansı bir cinayət əməlinə yol veribsə, bizim qanunvericilikdə təltifin ləğv olunması ilə bağlı müddəalar var. Əgər kiminsə cinayəti sübuta yetirilərsə, məhkəmə öz hökmündə bu məsələyə aydınlıq gətirir. Bu bizim qanunvericilikdə bir cəza növü kimi nəzərdə tutulmuşdur. Arzumuz ondan ibarətdir ki, hər kəs öz xidməti nəticəsində qazandığı bu medallara, ordenlərə layiq olsun və axıra qədər onu qoruyub saxlaya bilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənə elə gəlir ki, bundan əvvəlki məsələdə müzakirə çox oldu. Təklif var ki, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.07 dəq.)
Lehinə 88
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
“Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun. Hörmətli həmkarlar, cənab Prezident tərəfindən təqdim olunmuş bu qanun layihəsi “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun 2-ci maddəsinə əlavəni nəzərdə tutur. Bu çox vacib bir məsələdir. Bu əlavə xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlılıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşlarının ölkəyə qayıtmaq hüququnun təmin olunması məqsədini güdür. Müəyyənləşdirilir ki, ölkəyə qayıtma hüququ qayıdış şəhadətnaməsi əsasında həyata keçirilməlidir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin forması və həmin şəhadətnamənin verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Biz bu məsələni komissiyada müzakirə etdik və belə bir fikir formalaşdı ki, indiyə qədər bizim qanunvericilikdə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunun tətbiqi ilə bağlı bütövlükdə şəxsiyyəti təsdiq edən sənədlər, pasportların əsasnaməsi, bütün bunlar parlamentdə müzakirə olunub, təsdiq edilib. Bu həm şəffaflığı təmin edir, həm də ki, müəyyən təkliflər nəzərə alına bilir. Nəticədə daha optimal variantlar qəbul olunur. Bu barədə biz Prezident Aparatının hüquqşünasları ilə də məsləhətləşdik, təkliflərimizi bildirdik və onlar da razılaşdılar. Ona görə sonuncu cümlənin bu cür qəbul olunması razılığı əldə olundu: “Qayıdış şəhadətnaməsinin forması və həmin şəhadətnamənin verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir”. Biz bu cür qəbul etməliyik. Sonradan bizim tərəfimizdən, parlamentin işçi qrupu tərəfindən həmin bu qanun layihəsi, bu şəhadətnamənin əsasnaməsi sizə təqdim olunacaq, o, müzakirə olunacaq. Yəqin ki, orada müəyyən fikirlər və təkliflər səslənəcək. Bundan sonra isə cənab Prezident tərəfindən qanunun tətbiqi ilə bağlı müvafiq icra hakimiyyəti orqanlarına tapşırıqlar veriləcək. Prezident Aparatı ilə, yəni hüquqşünaslarla razılaşdığımız formada qəbul etməyimiz daha düzgün olardı və indiyə qədər bizim bu sahədə artıq formalaşmış qanunvericilik təcrübəmizə uyğun olmuş olardı. Ona görə xahiş edirəm, bizim razılaşdırılmış varianta səs verəsiniz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Çıxış etməyə yazılanlar var? Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mənə elə gəlir ki, bu gün müvafiq qanuna təklif edilən əlavələr son dərəcə zəruridir və bunu qəbul etmək lazımdır. Şübhəsiz ki, bu, yaranmış vəziyyətlə əlaqədardır. Bu gün Rusiya Federasiyasında, Ukraynada və digər respublikalarda çoxlu sayda vətəndaşlarımız mütəmadi olaraq bu vəziyyətlə qarşılaşırlar və çox ciddi çətinliklər meydana gəlir. Ona görə də onların ölkəyə qayıtmasını asanlaşdırmaqdan ötrü bu əlavə və dəyişikliyi etmək zəruridir. Mən də hesab edirəm ki, istər komissiya olsun, istərsə də Prezident Aparatı olsun, bu məsələni qaldırmaqda çox əhəmiyyətli, vacib bir addım atmışlar.
Ancaq mənim bir kiçik qeydim var. Bəlkə bu şəhadətnamənin adını biz qayıdış şəhadətnaməsi qoymayaq, müvəqqəti şəhadətnamə qoyaq. Çünki bu, tək qayıdış funksiyasını yerinə yetirmir. Tutaq ki, hər hansı aeroportda vətəndaşı polis saxladı. Qayıdış şəhadətnaməsi, bir qayda olaraq, ancaq sərhəd xidməti orqanları üçün nəzərdə tutulur. Müvəqqəti şəhadətnamə isə digər orqanlara da hansısa mənada təsir göstərmək imkanı verir.
Oqtay müəllim, bu gün səhər Siz öz çıxışınızda çox əhəmiyyətli məsələyə toxundunuz. Deputatlar tərəfindən burada qaldırılan fikir və mülahizələrə, təkliflərə rəhbərlik tərəfindən qayğı ilə yanaşılması barədə fikir söylədiniz. Məncə, bu, Milli Məclisdə çox əhəmiyyətli bir məsələdir. Bunu nəzərə alaraq mən daha bir məsələni nəzərinizə çatdırmaq istəyirəm. Bu da xarici pasportlarda müəyyən edilmiş müddətin az olmasıdır. 5 il müddət xarici pasport üçün azdır. Dövlət buna bu qədər xərc çəkir, vəsait ayırır və pasportlar verilir. Azərbaycan Respublikasının çoxlu sayda vətəndaşları isə xaricdə işləyirlər. Belə olan halda bəlkə xarici pasportlara qoyulan müddəti biz bir qədər uzatmaq barədə fikirləşək. Bu istiqamətdə daxili işlər orqanları ilə məsləhətləşmələr aparılsa, ümid edirəm ki, faydalı olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlar! Məlumdur ki, hər bir vətəndaşın ölkədən getmək, ölkəyə gəlmək hüquqları var. Bu hüquq “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanunla müəyyən ləşdirilmiş qaydada həyata keçirilir. Hazırda bu hüquqdan yüz minlərlə Azərbaycan vətəndaşı istifadə edərək MDB ölkələrinə və dünyanın bir çox ölkələrinə gedir və müəyyən müddətdən sonra geri qayıdır. Azərbaycan Respublikasının vətəndaşlarının ölkədən getmək və ölkəyə gəlmək hüquqlarının reallaşdırılması yalnız onların pasportu və beynəlxalq müqavilələrə uyğun olaraq xarici ölkələrə daxil olmaq üçün rəsmiləşdirilmiş icazə vizası əsasında həyata keçirilir.
Pasport itdikdə və ya yararsız hala düşdükdə, yaxud pasportun etibarlılıq müddəti bitdikdə xarici ölkələrə gedən vətəndaşlarımız Azərbaycan Respublikasına qayıtmaq üçün çox böyük problemlərlə üzləşir, bir çox hallarda isə bu səbəblərdən xarici ölkələrdə qeyri-qanuni qalmağa məcbur olurlar. Bu isə onların hər birinin hüquqlarının pozulması ilə nəticələnir. Buna görə də vətəndaşların xaricdə hüquqlarının qorunmasına və onların belə hallarda vətənə qayıtması üçün hüquqi bazanın möhkəmləndirilməsinə böyük ehtiyac vardır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin imzası ilə Milli Məclisə təqdim olunmuş layihə “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununda olan boşluqların aradan qaldırılmasına, Azərbaycan Respublikası vətəndaşlarının hüquqlarının daha da mükəmməl qorunmasına imkan verəcəkdir. Qeyd olunanları nəzərə alaraq mən də qanun layihəsinin qəbul olunmasını təklif edirəm.
Bununla yanaşı, qeyd etmək istəyirəm ki, 1994-cü ildə qəbul olunmuş “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa bir çox dəyişikliklər olsa da, bu qanunda hazırda mövcud olmayan müəyyən qurum və vəzifələrin adları qalmaqdadır. Məsələn, qanunun 5-ci maddəsində “Azərbaycan Respublikasının Ali Soveti”, “şəhər xalq deputatları sovetinin sədrləri”, 6-cı maddənin ikinci və üçüncü hissələrində “Azərbaycan Respublikası Ali Sovetinin sədrinin”, 4-cü maddəsinin beşinci abzasında “Ali Sovetin sədrinə”, 12-ci maddənin 5-ci bəndində “Azərbaycan Respublikası Ali Soveti” sözləri bu günə qədər qalmaqdadır. Hesab edirəm ki, təklif olunan dəyişikliklərlə yanaşı, bu dəyişikliklərin də olunmasına ehtiyac vardır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bu qanunun zəruriliyi barədə fikir söyləməyə ehtiyac yoxdur. Qanun zəruridir. Amma bizim qanun yaradıcılığımıza uyğun olaraq mən istərdim, başlıqla əlaqədar bir fikrimi söyləyim. Çünki burada yazılır: “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”. Biz burada yalnız əlavələr edirik. Ona görə də yaxşı olar ki, “əlavələr edilməsi barədə” olsun, “dəyişikliklər” sözünü oradan çıxaraq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Çox sağ olun, cənab Sədr. Mən də hesab edirəm ki, irəli sürülən əlavə və dəyişikliklər vətəndaşların ölkədən getmək və ölkəyə gəlmək sahəsində hüquqi bazanın təkmilləşdirilməsinə xidmət edən dəyişikliklərdir. Lakin mən sizin diqqətinizi çox vacib bir məsələyə cəlb etmək istəyirəm. Cənab Sədr, bilirsiniz ki, Azərbaycana gələn, yaxud Azərbaycandan gedən müəyyən vətəndaşlarla, xüsusilə Ermənistana və ya Ermənistandan olan səfərlərlə bağlı cəmiyyətdə, o cümlədən siyasi dairələrdə və parlamentdə müxtəlif fikirlər səsləndirilir və onlar çox ciddi tənqid hədəfinə çevrilir. Bu məsələnin tənzimlənməsinin bir hüquqi yolu indiyə qədər mövcud olmayıb. Ona görə də bu məsələyə yanaşmaq həmişə mənəvi xarakter daşıyıbdır.
Avropa ölkələri, Avropa Şurası arealına daxil olan ölkələrdə belə bir praktika tətbiq olunub. Hər hansı bir ölkəyə, məsələn, Belarusa, bir sıra digər dövlətlərə münasibətdə bunu həyata keçiriblər. Müəyyən şəxslərin ölkəyə daxil olmasına qadağa rejimi müəyyənləşdirilir. Azərbaycanın da həyatında belə hallar var. Azərbaycana çox mənfi münasibəti ilə seçilən çoxlu adamlar var ki, onların Azərbaycana hər hansı bir adda, hər hansı bir formada buraxılmasının qanunvericilik qaydasında yasaq olunmasını biz həyata keçirməliyik. Sözü gedən dəyişiklikləri mən müdafiə edəcəyəm. Qanun layihəsi elə xarakterdə idi ki, mən, nəhayət, bu fikri burada söyləməyə imkan tapdım. Bütövlükdə mən buna tərəfdar olacağam. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun. Oqtay müəllim, mən də bu layihəni müdafiə edirəm. Əli müəllimdən çox xahiş edirəm, bir məsələyə aydınlıq gətirsin. Sumqayıtda onlarla insan mənə müraciət edir ki, həyat yoldaşı, ya qardaşı Rusiyanın müxtəlif yerlərində pasportlarını itirdiklərinə görə Azərbaycana gələ bilmirlər. Onların burada hər hansı bir sənədlə təmin olunması üçün müraciət olunur. Ancaq Daxili İşlər Nazirliyinin yerli orqanları bu məsələdə hər hansı bir qanunun olmamasını əsas gətirərək onlara hansısa bir sənədin verilməsinə çətinlik çəkirlər. Xahiş edirəm, bu məsələnin necə həll olunması da bu qanun layihəsində əksini tapsın ki, onlar bura gələ bilməyəcəkləri təqdirdə buradan onlara hansısa bir sənədin, şəhadətnamənin alınıb göndərilməsi təmin oluna bilsin. Çox sağ olun.
Sədrlik edən. Bu, tamam başqa şeydir. Orada bizim səfirliyimiz var. Əli müəllim, cavab vermək istəyirsiniz? Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Burada bir neçə vacib məsələ qalxdı. Ona görə istəyirəm ki, aydınlıq gətirim. Cəmil müəllim bu qanun layihəsi ilə bağlı bir təklif etdi. Qayıdış şəhadətnaməsini bəlkə də başqa cür, məsələn, müvəqqəti şəhadətnamə adlandırmaq olar. Əgər razılaşdıra bilsək, bunu edərik. Amma bunu ona görə belə adlandırıblar ki, məhz qayıtmaqdan ötrü bu məsələ həllini tapsın. Vətəndaş problemini həll etdi, qayıtdı, bu şəhadətnamə ilə məsələ öz həllini tapmış olur. Bu, üslubi bir məsələdir, əgər razılaşdırsaq, problem deyil. Hesab edirəm ki, “qayıdış” ifadəsi də burada yarıyar.
Cəmil Həsənlinin və Eldar Quliyevin qaldırdığı məsələlər vacibdir. Yadınızdadırsa, cənab Sədr, komissiya sədrlərinin birgə iclasında mən bu barədə məruzə etmişəm. Reallıq ondan ibarətdir ki, “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Qanun 1994-cü ildə qəbul edilib. Azərbaycan sürətlə inkişaf edir, müasir texnologiyalar tətbiq olunur. Bu gün rüsumlar bəzən vətəndaşları tam qane etmir. Misal üçün, ümumvətəndaş pasportu alan şəxs 22 yeni Azərbaycan manatı məbləğində dövlət rüsumu ödəməlidir. Hesab edirəm ki, bu bir qədər yüksək məbləğdir. Vətəndaş pasportu 5 il müddətinə verilir. Bundan sonra vətəndaş yenidən rüsum ödəməli və yenidən pasport almalıdır.
Mən Sizə məruzə etdim və hal-hazırda məlumat üçün bildirmək istəyirəm ki, biz daxili işlər orqanlarının əməkdaşları ilə bu sahədə müəyyən iş aparırıq. Hamımızın məqsədi ondan ibarətdir ki, bu məsələnin mümkün qədər çevik tənzimlənməsini həll edək. Əlbəttə, başqa arqumentlər də var. Misal üçün, cinayət törətmiş şəxslər axtarışda olurlar, mütləq pasport almaqdan ötrü Azərbaycana qayıtmalıdırlar və əməliyyat-istintaq baxımından da bu müddət vacibdir. Amma burada başqa çıxış yolu da var. Biz təklif edirik ki, bu məsələ sənədin etibarlılıq müddətini artırmaqla həllini tapsın. Yəni yenidən pasport almağa ehtiyac olmasın, onun, sadəcə, müddəti artırılsın.
Düşünürəm ki, ola bilər, nəticə etibarı ilə biz vahid bir qanun, Azərbaycan vətəndaşlarının şəxsiyyətlərini təsdiq edən sənədlər haqqında qanun qəbul edək, bütün sənədlər - şəxsiyyət vəsiqəsi, xarici pasportlar və sairlə bağlı məsələləri bu qanunla tənzimləyək. Amma o iradla razıyam ki, bu sahədə qüvvədə olan qanun 1994-cü ildə qəbul olunub və müəyyən mənada müasir dövrün tələblərinə cavab vermir. Bəzən də bu qanunun icrası ilə bağlı meydana çıxan problemlər, vətəndaşların narahatçılığı qanunun müddəalarından irəli gəlir. Biz bu məsələ üzərində işləyirik və elə bilirəm ki, yeni bir sənəd təqdim edə biləcəyik.
Xanhüseyn Kazımlı bir irad bildirdi, tamamilə düzgün iraddır. Söhbət qanuna əlavədən gedir, dəyişiklikdən yox. Ona görə Xanhüseyn müəllim, biz bunu mütləq nəzərə alacağıq.
İkram müəllimin də sualına cavab olaraq bildirim ki, bu qanun elə məhz onun qaldırdığı problemi həll etmək məqsədi güdür. Bundan ötrü Moskvada bizim səfirliyimiz və Daxili İşlər Nazirliyinin xüsusi bölməsi fəaliyyət göstərir. Məndə olan məlumata görə, bu məsələləri, yəni orada vətəndaşların pasportla təmin olunması məsələlərini sürətləndirmək və həll etmək məqsədi ilə nəzərdə tutulur ki, yaxın gələcəkdə Sankt-Peterburqda və Ukraynada, Kiyev şəhərində də bu xidmətlər yaradılsın. Bu problem var və həlli istiqamətində də işlər görülür. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif olundu ki, səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.24 dəq.)
Lehinə 98
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 99
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 7-ci məsələsi. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə. Bu qanuna 4 komissiyada baxılıb. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Cənab Prezidentin təklifi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi müzakirəyə çıxarılmışdır. Bu qanun layihəsi İqtisadi siyasət, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında ətraflı müzakirə edilmişdir. Müzakirədə qərar qəbul edilmişdir ki, qanun layihəsi Milli Məclisin müzakirəsinə təqdim edilsin.
Bilirsiniz ki, 2005-ci il fevralın 7-də cənab Prezidentin fərmanı ilə Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi nəzdində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsasında Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmışdır. Bu fərmana müvafiq olaraq Nazirlər Kabineti Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Əsasnaməsini təsdiq etmişdir. Əsasnaməyə görə, Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti daşınmaz əmlak üzərində hüquqların qeydiyyatını aparır, daşınmaz əmlakın vahid kadastrını tərtib edir, hüquqların qeydiyyatı üçün zəruri olan inventarlaşdırma işlərini aparır, habelə texniki sənədləri tərtib edir, öz səlahiyyətləri daxilində tikililərin real dəyərinin qiymətləndirilməsini təmin edir.
Qüvvədə olan qanunvericilik aktlarının təhlili göstərir ki, onlar qeydiyyat məsələsində bir qədər ziddiyyətli hüquqlar yaradır. Qanunvericilikdə mövcud uyğunsuzluqların aradan qaldırılması məqsədi ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvercilik aktlarına edilmiş dəyişikliklər ətraflı müzakirə edilmişdir.
Bir sıra qanunlarda dəyişikliklər nəzərdə tutulur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununda “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı orqanları” sözləri “müvafiq icra hakimiyyəti orqanı” sözləri ilə əvəz edilir. Bu dəyişiklik “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 4, 8, 9-cu maddələrində də öz əksini tapmışdır.
Hörmətli Əli müəllim, yəqin, çıxışında qeyd edəcək, müzakirə prosesində 9-cu maddəyə bir təklif əlavə olundu. Bu təklif də artıq Prezident Aparatının müvafiq şöbəsi ilə razılaşdırılmışdır. Həmin təklifin mahiyyəti ondan ibarətdir ki, müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən sonra 20 gün ərzində həmin mənzilin vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir.
“Avtomobil yolları haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsində həm yuxarıda qeyd etdiyim dəyişikliklər edilir, həm də əlavə olunur ki, həmin yollar və əmlak, onların üzərində hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınır.
Azərbaycan Respublikası Mülki Məcəlləsinin 144.3-cü maddəsində də müəyyən dəyişiklik edilir. Əvvəllər nəzərdə tutulmuşdu ki, bu işləri ancaq notarius həyata keçirir, lakin indi təklif olunur ki, müqavilənin iki nüsxəsi müraciət etmiş şəxsə verilsin. Buraya “onun istəyi ilə” sözləri əlavə edilir. Bu da insanların, yəni subyektlərin hüquqlarının təmin edilməsi ilə əlaqədardır. Eyni fikir 146.4-cü maddədə də öz əksini tapır. Daha sonra, daşınmaz əmlakın dövlət reyestrinin açıqlığını təmin edən 144-cü maddədə dəqiqləşdirilir və göstərilir ki, daşınmaz əmlakın dairəsi konkret şəxslər tərəfindən müəyyənləşdirilir. Mən hesab edirəm ki, bu dəyişikliklər uyğunsuzluqları aradan qaldıracaq. Hesab edirəm ki, qanun layihəsində bu dəyişikliklərin nəzərə alınması “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqini genişləndirəcək, onun səmərəsini xeyli artıracaqdır.
Sədrlik edən. Çox sağ olun. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən Ziyad müəllimə təşəkkür edirəm ki, çox geniş və ətraflı məlumat verdi. Bizim komissiyaların birgə iclasında səsləndirilmiş təkliflər qanunvericilik təşəbbüsünün subyekti ilə, işçi qrupu ilə müzakirə olunmuş və demək olar ki, hamısı nəzərə alınmışdır. Bilirsiniz ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun əvvəlki çağırış parlamentdə çox uzun sürən müzakirələrdən sonra qəbul olundu. Müzakirələrdə çox mübahisələr olsa da, niyyətimiz, məqsədimiz ondan ibarət idi ki, daşınmaz əmlakın dövlət reyestrinin həyata keçirilməsinin vahid bir sistemi formalaşsın. Düzdür, qanunvericilikdə biz buna axıra qədər nail ola bilməmişdik. Ona görə cənab Prezident bu qanunun tətbiqi ilə bağlı fərman imzaladı və bütün problemlərə aydınlıq gətirdi. Azərbaycanda daşınmaz əmlakın dövlət reyestrini həyata keçirən vahid bir orqan yaradıldı. Bu orqan hazırda çox uğurla fəaliyyət göstərir. Rusiyada, Türkiyədə olan qabaqcıl təcrübə öyrənilir, tətbiq olunur və qanunun niyyəti həyata keçirilmək üzrədir.
Biz bu qanunu qəbul edərkən qeydiyyat orqanları üçün daşınmaz əmlakın dövlət reyestrinin vahid bir müddətini müəyyən etmişdik – 20 gün. Təbii ki, mənzil də daşınmaz əmlakdır, ona görə də bir ay müddətinin 20 gün müddəti ilə əvəz olunması sadəcə bir təklif deyil. Bu, qanunvericiliyi nizama salmaq məqsədi güdür. Müddətlərin qısa olması vətəndaşların hüquqlarının təminatı baxımından da vacibdir. Fürsətdən istifadə edib, Ziyad müəllim, digər bir məsələyə də diqqət yetirməyi xahiş edirəm. Elə bilirəm ki, bunu da müzakirə edib qəbul etmək olar. Söhbət yenə də “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 8-ci maddəsindən gedir. Burada göstərilir ki, mənzili özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzil istismar təşkilatı 10 gündən gec olmayaraq arayış təqdim edir. Söhbət 2 №-li formadan gedir. Mən keçən dəfə də komissiyada qeyd etmişdim, “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanun çoxdan qəbul olunub və bu gün, həqiqətən, müddətlərin qısaldılması üçün imkan var. Çünki müasir informasiya texnologiyaları tətbiq olunur. Ona görə təklif edirəm ki, “10 gündən gec olmayaraq” sözləri “5 gündən gec olmayaraq” sözləri ilə əvəz olunsun. Elə bilirəm ki, işçi qrupunun bu müddətə də etirazı olmaz. Çünki bilirəm ki, bu xidmət qarşısına məqsəd qoyub ki, vətəndaşların problemlərini çox qısa zaman çərçivəsində operativ, çevik həll etsin.
Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Mülki Məcəllənin 148-ci maddəsi daşınmaz əmlakın dövlət reyestrinin açıqlığı maddəsidir. Burada belə bir ifadə işlənir: “Daşınmaz əmlakın dövlət reyestri hamı üçün açıq olmalıdır.” Sonradan çox düzgün olaraq məhdudiyyətlər sadalanır. Daşınmaz əmlakın reyestrindən arayış hüquq sahibinə, vəkil edilmiş şəxsə, vərəsəlik hüququ olan şəxslərə və qanunla müəyyən edilmiş qaydada müvafiq dövlət orqanlarına təqdim olunur. Deməli, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, arayış hamı üçün açıq deyil, məhdudiyyət qoyulub. Bizim cəmi il yarım bundan əvvəl qəbul etdiyimiz ”Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda yeni fikir formalaşıb. Ona görə də biz bu gün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun bu maddəsini, 5.1-i Mülki Məcəlləyə köçürməliyik.
Nizam yaransın deyə, cənab Sədr, 148-ci maddədən “Daşınmaz əmlakın dövlət reyestri hamı üçün açıq olmalıdır” cümləsi çıxarılmalıdır. Bu birmənalıdır və elə bilirəm ki, işçi qrupu dediyim fikirlərə bir də diqqətlə baxsa, aydın olacaq. Yəni biz nizama salmalıyıq. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda məhdudiyyətlər var, çünki bu məlumat hamı üçün açıq ola bilməz, hamıya bu arayışı vermək olmaz. Qanunda düzgün göstərilib, arayış kimlərə verilməlidir. O cür də Mülki Məcəlləyə köçürülməlidir, o cür də tənzimlənməlidir. Xahiş edirəm, bu iki fikri də işçi qrupu nəzərə alsın. Hesab edirəm ki, bu qanun layihəsi çox vacibdir və qəbul olunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqrar siyasət daimi komissiyası. Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyev qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsini Milli Məclisin müzakirəsinə təqdim etmişdir. Layihədə Azərbaycan Respublikasının hazırda qüvvədə olan 14 qanununa, o cümlədən torpaq qanunvericiliyinə aid olan 5 qanuna dəyişikliklər və əlavələr edilməsi nəzərdə tutulur.
Aqrar siyasət daimi komissiyası bu qanunu müzakirə edərək, burada nəzərdə tutulan dəyişikliklərə baxmışdır. Qısa mahiyyət ondan ibarətdir ki, daşınmaz əmlakın dövlət qeydiyyatı sahəsində ölkədə mövcud olan pərakəndəliyi aradan qaldırmaq və idarəçiliyi təkmilləşdirmək məqsədi ilə 2004-cü ildə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilmişdir. Bu qanuna uyğun olaraq Prezidentin müvafiq fərmanı ilə Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaranmışdır. Daşınmaz əmlakın, o cümlədən mənzil fondunun, torpağın, bağların, özəlləşdirilən dövlət obyektlərinin dövlət qeydiyyatına alınması, sənədləşdirilməsi və əmlak üzərində bütün növ hüquqların əldə edilməsi bu qanunda nəzərdə tutulmuş qaydada həmin xidmət tərəfindən həyata keçiriləcəkdir.
Bununla əlaqədar, aqrar qanunvericiliyə aid olan “Torpaq islahatı haqqında” Qanunun 10-cu, 19-cu və 21-ci maddələrində, “Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsində, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Qanunun 5-ci, 9-cu və 17-ci maddələrində, “Torpaq bazarı haqqında” Qanunun 8-ci, 19-cu və 21-ci maddələrində, Torpaq Məcəlləsinin 10-cu, 43-cü, 66-cı və 67-ci maddələrində torpaq sahələrinin və torpaq üzərində mülkiyyətdən istifadə və icarə hüquqlarının dövlət qeydiyyatına alınması və rəsmiləşdirilməsi qaydalarının “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna uyğunlaşdırılması üçün müvafiq dəyişikliklər və əlavələr edilmiş, “Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatı” adlanan XVI fəsil məcəllədən düzgün olaraq çıxarılmışdır.
Bir məsələni də qeyd etmək istəyirəm. Bu qanunda nəzərdə tutulmuşdur ki, torpağa mülkiyyət hüququna dair dövlət aktının və torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin nümunələri torpaq qanunvericiliyindən çıxarılsın. Çünki bu qanun qüvvəyə mindikdən sonra torpaq üzərində hüquqlar daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdiriləcəkdir. Lakin torpağa mülkiyyət hüququna dair bu günə qədər verilmiş bütün sənədlər öz hüquqi qüvvəsini saxlayacaqdır.
Komissiya belə qərar qəbul edib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar torpaq qanunvericiliyinə təklif olunan dəyişikliklər və əlavələr düzgündür və layihə qəbul edilə bilər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə. Sağ olun, cənab Sədr. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar bələdiyyələrin nümunəvi nizamnaməsinə bir düzəliş edilibdir. Düzəliş ondan ibarətdir ki, keçmiş redaksiyada bələdiyyə əmlakının texniki inventarizasiyasının aparılması bələdiyyələrin icra orqanlarının səlahiyyətinə verilmişdi. İndi yeni dövlət orqanının yaradılması ilə əlaqədar olaraq bu səlahiyyət onlardan götürülür. İkinci düzəliş bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında əsasnaməyədir. Qabaqlar nəzərdə tutulurdu ki, bələdiyyə ayrılmış torpaq sahəsi üzərində mülkiyyət, istifadə və ya icarə hüququnu təsdiq edən sənədi hazırlayır və müvafiq icra orqanına göndərir. Yeni redaksiyada nəzərdə tutulur ki, bu qərardan çıxarış torpağı alan şəxsə verilir və həmin şəxs özü o məsələləri həll edir. Üçüncü düzəliş də ondan ibarətdir ki, 26-cı maddə buradan çıxarılır. Çünki “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən bu, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Keçək müzakirələrə. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Burada qeyd olundu ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunla əlaqədar olaraq bəzi qanunlarda dəyişikliklər edilir. Mənim burada diqqətimi “Torpaq islahatı haqqında” Qanunda edilən dəyişikliklər cəlb elədi. Burada 10-cu maddənin “a” bəndində yer quruluşu işlərinin tətbiqi və torpaq ayırma qaydasında hazırlanan sənədlər qeyd olunur. 3-cü maddədə də qeyd olunur ki, ”hüquqların daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması məqsədi ilə qanunvericiliklə müəyyən edilmiş sənədlər hazırlanır”.
Mən burada nəyi vurğulamaq istəyirəm. Bu dəyişikliklərin məzmunu ondan ibarətdir ki, əgər əvvəl torpaq üzərində mülkiyyət hüququ ilə bağlı sənədi Dövlət Torpaq Komitəsi verirdisə, indi bu səlahiyyətlər reyestri aparan orqana verilir. İndi cəmiyyətdə də çoxlu fikirlər var, mətbuat da çox yazır. Bələdiyyələr bəzən heç öz mülkiyyətində olmayan torpaqları qərarla başqa bir vətəndaşa, yaxud başqa bir quruma verirlər. Reyestr orqanı, - adından da göründüyü kimi, bunun vəzifəsi qeydiyyat aparmaqdır, - necə müəyyənləşdirəcək ki, bu sənədlər düzgün hazırlanıb? Ona görə də mən hesab edirəm ki, dövlət bu mülkiyyətlə bağlı, ümumiyyətlə, hüquqlarla bağlı sənədləri ixtisaslaşmış orqan kimi elə əvvəlki qaydada rəsmiləşdirməlidir.
Tutaq ki, həm Dövlət Torpaq Komitəsi, həm də daşınmaz əmlakın idarə olunması ilə bağlı dövlət komitəsi dövlət əmlakını özəlləşdirir. Reyestr orqanı bu dövlət əmlakını özəlləşdirə bilməz axı. Yəni bu sənədləşdirmə işini həmin o dövlət komitəsi aparır, vətəndaşa mülkiyyət sənədi verir ki, bu əmlak artıq dövlət mülkiyyətindən çıxdı, sənin mülkiyyətin oldu. Sonra bu barədə reyestr orqanına məlumat verməlidir ki, siz bunun müvafiq qeydiyyatını aparın. Amma biz reyestr orqanına deyə bilmərik ki, sən get, dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı bir tender keçir, yaxud başqa formada bunu özəlləşdir, ver vətəndaşa. Onda o orqanlara nə ehtiyac var? Gərək onda Dövlət Torpaq Komitəsi, yəni dövlət əmlakının idarə olunması ilə bağlı komitə ləğv olunsun.
Mən fikirləşirəm ki, mülkiyyət hüququ verən orqanların səlahiyyətləri əvvəlki kimi saxlanılmalıdır. Onlar ixtisaslaşmış səviyyədə öz işləri ilə məşğul olmalıdırlar. Amma mülkiyyət hüququ ilə bağlı sənəd veriləndən sonra müvafiq reyestr orqanına rəsmi məlumat verməlidirlər ki, bu reyestr öz əksini tapsın. Reyestr də, əslində, qeydiyyatla bağlı olan məsələdir. Biz bu dəyişiklikləri eləsək, mən tam əminəm ki, təcrübədə, xüsusi ilə torpaqla bağlı məsələlərdə çox böyük ciddi problemlər yaranacaq. Ona görə ki, reyestr orqanı torpaq üzərində xüsusi ilə mülkiyyət hüququnun dəyişməsi və ya mülkiyyət hüququnun verilməsi, yaxud torpağın icarəyə verilməsi ilə bağlı məsələlərin nə dərəcədə düzgün həll olunduğunu müəyyənləşdirmək üçün ixtisaslaşmış orqan deyil. Torpaqla bağlı ixtisaslaşmış dövlət orqanı var. Bu işləri, məncə, o görməlidir.
Mən buna millət vəkillərinin diqqətini cəlb eləmək istəyirdim. Gəlin bunu biz üç oxunuşda qəbul eləyək. Müvafiq icra orqanları ilə bir daha məsləhətləşək. Biz bu qanunu olduğu kimi qəbul etməklə vətəndaşların problemlərinin həllini asanlaşdırmayacaq, əslində, xeyli dərəcədə mürəkkəbləşdirəcək və çətinliklər yaradacağıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də məndən öncə danışan millət vəkili Qüdrət Həsənquliyevin təklifini dəstəkləyir və hesab edirəm ki, bunu üç oxunuşda qəbul eləmək lazımdır. Olduqca ciddi dəyişikliklər, struktur dəyişiklikləri nəzərdə tutulur. Bu baxımdan bunun bu gün üstündən keçmək, buna laqeyd yanaşmaq olmaz.
Qanuna əlavələr, hesab edirəm ki, peşəkarcasına hazırlanıbdır. Amma tendensiya özünü açıqca göstərir. Burada prinsip bürokratik maneələr deyil, torpaq bazarını və mülkiyyət hüququnu sadələşdirmə olmalıdır. “Torpaq islahatı haqqında” Qanunun 21-ci maddəsində mötərizədə “nümunələr əlavə olunur” sözləri var. Ümumiyyətlə, qanun mötərizəni sevmir. Burada elə dispozisiyanın özündə “nümunələr ilə birlikdə” sözlərini yazmaq olar. Ümumiyyətlə, qanunda mötərizə qanunvericilik texnikası baxımından yaxşı qəbul olunmur.
“Torpaq icarəsi haqqında” Qanunun 12-ci maddəsində “keçməmiş” sözünün əvəzinə, hesab edirəm ki, “keçməyən” sözü olmalıdır. Çünki qanun qüvvəyə mindikdən sonra onun geriyə qüvvəsi tətbiq oluna bilər və o zaman problemlər yarana bilər.
“Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yer quruluşu haqqında” Qanunun 9-cu maddəsindən “notarial qaydada təsdiq edilmiş” sözləri çıxarılmalıdır. Çünki hər ikisi hüquqi şəxsdirsə, nəyə görə bu sənədi notariusda təsdiq eləməlidirlər? Bu, əlavə bir süründürməçilik yaradan amildir. İkisinin də möhürü varsa, burada notariusa nə ehtiyac var?
“Torpaq bazarı haqqında” Qanunun 19-cu maddəsində torpaq üzərində bütün hüquqların üc orqan - Dövlət Torpaq Kadastrı, Dövlət Torpaq Reyestri və Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən qeydə alınması nəzərdə tutulur. Üç orqanda qeydə alınma rüşvətxorluq, süründürməçilik üçün yol açır. Təklif edirəm, bir orqanda qeydə alınsın, ancaq bu orqan digərlərinə məlumat versin. Hər üçü dövlətindirsə, bunu uzatmağa nə ehtiyac var? Bir də ikisində qeydə alınıbsa, üçüncüdə qeydiyyatdan keçməyibsə, o zaman bunun hansı hüquqi nəticələr doğuracağına bir aydınlıq gətirilməlidir. Və bu proses neçə ilə başa çatacaq? Bu da bu qanunda dəyişikliklərdən bəlli olur.
Həmin qanunun 20-ci maddəsində dövlət qeydiyyatından keçmiş torpaq üzərindəki hüquqlar Azərbaycan Respublikasının torpaq və mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada sənədləşdirilir. Üç yerdə dövlət qeydiyyatından keçəndən sonra yenə də mi sənədləşdirilməlidir? Prinsip budurmu ki, torpaq üzərində mülkiyyət hüququ digər mülki hüquqlar kimi dövlət orqanlarının müdaxiləsindən çıxarılsın? Ən yaxşı dövlət ən az müdaxilə eləyən dövlətdirsə, bu, mülki cəmiyyətin əsas prinsipi sayılır və belə bir vəziyyətdə bu səviyyədə qeydiyyat, sənədləşdirmə və rəsmiləşdirməyə çox da ehtiyac yoxdur.
66-cı maddədə 3-cü bənddə deyilir ki, torpaq üzərində hüquqlar bələdiyyənin qərarına əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilən dövlət aktı ilə rəsmiləşdirilir. 2004-cü ildə qərar qəbul edilib və o qərarda göstərilir ki, bələdiyyə torpağı yerli icra hakimiyyəti orqanı ilə razılaşdırılmalıdır. Belə bir qərar varsa, bunun burada əks olunmasının, məncə, heç bir əhəmiyyəti yoxdur. Çünki bu, əslində, qanunsuz da olsa, əvvəldən nəzərdə tutulubdur və burada əks olunmasına heç bir gərək yoxdur.
Həmin maddənin 4-cü bəndində torpağın icarəyə verilməsini tərəflər arasında bağlanan icarə müqaviləsi ilə rəsmiləşdiririk. Yenə də anlaşılmazlıq doğurur. İcarə mülkiyyətçinin öz işidir. Niyə bunu yenidən qeydə almalıdır?
79-cu maddənin birinci hissəsində “torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatından imtina edilməsinin əsaslarında, habelə digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş sənədlərin” ifadəsi yer alır. Əgər sənəd varsa, burada digər sənədlər anlayışına yer qalmamalıdır. Ona görə də bu ifadə də buradan çıxarılmalıdır.
Qanunda avtomobil yolları məsələsində də dəyişikliklər var. Yazılır ki, 5 gündən tez, 7 gündən gec olmayaraq notariat qaydasında təsdiq olunur. Niyə 5 gün? Bir anda da təsdiq edilə bilər və edilməlidir. Bu cür bürokratik ifadələr qanundan çıxarılmalıdır. “Notarial ərizə” ifadəsi burada yer alıbdır. Bu nə ifadədir? Notariusa niyə özünün təsdiq elədiyi ərizə ilə əlavə müraciət eləməlisən? Bu anlaşılmır. Ərizəni verirsənsə, bu notarius hələ sənin ərizəni də əlavə olaraq təsdiq eləməlidir. Yanaşma doğru deyil.
79-cu maddənin 2-ci bəndində də bir problem var. Burada “əgər həmin mübahisənin mövcudluğu barədə məlumatlar müqavilədə əks olunmuşdursa” şərti qoyulur. Müqavilədə mübahisənin mövcudluğunun əks olunması vacib sayıla bilməz. Bunu bir şərt kimi ifadə eləmək, məncə, doğru deyil. Bu da buradan çıxarılmalıdır.
79-cu maddənin 1-ci bəndinin dördüncü hissəsində torpaq sahəsi haqqında mübahisələrin mövcudluğunu təsdiq edən sənədin olmasını imtina üçün əsas sayırlar. Bu da doğru yanaşma deyil. Burada imtina edilməməli, sadəcə, araşdırma aparılmalıdır.
Hörmətli Əli müəllimin də burada dediyi təklifləri dəstəkləyirəm. Həqiqətən də, 10 gün müddəti azaldılmalı və Mülki Məcəlləyə müvafiq göndəriş olmalıdır, çünki bu qanunda onun əks olunması düzgün qəbul oluna bilməz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli deputatlar! Müzakirəyə çıxarılmış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi barədə” ölkə başçısı tərəfindən qanunvericilik təşəbbüsü hüququ ilə Azərbaycan Respublikasının Milli Məclisinə daxil olmuş qanun layihəsini dəstəkləyirəm və onun qəbul edilməsinə səs verəcəyəm.
Qanun layihəsi ilə bağlı bir neçə fikrimi diqqətinizə çatdırmaq istərdim. İmkan olsa, bir sualıma da cavab verilməsini xahiş edərdim. Fikrimcə, İnzibati Xətalar Məcəlləsinin 324.3-cü maddəsində müəyyən düzəlişlərə ehtiyac vardır. Məsələn, 324.3.1-ci maddədə vəzifəli şəxslərə xəbərdarlıq edilib və ya şərti maliyyə vahidinin 20 mislindən 40 mislinədək miqdarda cərimə edilməsi göstərilir. Maddədən belə başa düşmək olar ki, bu sanksiya yalnız vəzifəli şəxslərə aiddir. Belədirsə, gəlin, İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə diqqət yetirək. Həmin maddədə cərimənin miqdarı göstərilir. Bu maddəyə görə, vəzifəli şəxslər şərti maliyyə vahidinin 40 mislindən 90 mislinədək miqdarda cərimə edilə bilərlər. Əgər bu cərimə fiziki şəxslərə də aiddirsə, yenə də dəqiqləşdirilmə aparılmalıdır.
Hörmətli həmkarlarım, bildiyiniz kimi, 324.3.2-ci maddə də “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinin tələblərindən irəli gəlir. Burada söhbət vəzifəli şəxslərin cavabdehliyindən gedir. Belə olduğu təqdirdə sanksiyanın aşağı məbləği 25 deyil, 40 misli göstərilməlidir. Odur ki, bu maddədə müvafiq dəyişikliklər edilməlidir. Analoji vəziyyət 324.3.2-ci maddədə də mövcuddur.
Bundan əlavə, 324.2-ci maddədə “daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri tərəfindən” sözlərinin cümlənin əvvəlinə gətirilməsi qanunvericilik texnikası baxımından daha düzgün olardı. 324.3.3-cü maddədə bu qaydaya əməl edilməsi aydın görünür.
324.3.1-ci və 324.3.2-ci maddələrin dispozisiyası çox ağır yazılıb. Bir cümlədə üç yerdə “daşınmaz əmlaka”, “daşınmaz əmlakın” sözləri işlədilir. Fikrimcə, bu hissələri sadələşdirməklə onu hamı üçün aydın və anlaşıqlı vəziyyətə gətirmək olar.
Bir daha qanunun 23.1-ci maddəsinə diqqətinizi çəkmək istərdim. Bu maddəyə görə, qeydiyyat orqanının vəzifəli şəxsləri dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrində verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. Məcəllənin 324.3.3-cü maddəsi özündə qanunun 23.1-ci maddəsini ehtiva edir.
324.3.3-cü maddənin dispozisiyasını qanunun 23.1-ci maddəsi ilə müqayisə etsək, qeyri-uyğunluğun şahidi olarıq. Bu maddənin dispozisiyasını sadələşdirərək aşağıdakı redaksiyada versək, daha məqsədəmüvafiq olar: “Qeydiyyat orqanının vəzifəli şəxsləri tərəfindən dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiq və vaxtında aparılmamasına, yaxud dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmamasına və ya verilməməsinə görə”.
Mən bir məsələni də istərdim, qeyd eləyim. “Torpaq bazarı haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin birinci hissəsi yeni redaksiyada verilir. Mötərizədə “müddəti 11 aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla” ifadəsi mövcuddur. Layihənin müəllifləri bu müddətin 11 ay göstərilməsi zərurətini açıqlasalar, yaxşı olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar “Azərbaycan Respublikasının mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı qeydlərimi sizin nəzərinizə çatdırmaq istəyirəm. Məlum olduğu kimi, mülkiyyət hüququnun qeydiyyatı orqanı bir qurum kimi artıq mövcud deyildir. Bu qurum Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əvəz edilmişdir. Ona görə də təklif olunan layihədə bütün hallarda “dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı orqanı” sözləri əvəzinə “müvafiq icra hakimiyyəti” sözlərinin yazılması təbiidir və mən bunun lehinə səs verəcəyəm.
Ancaq “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun icrası ilə əlaqədar olaraq yerlərdə yaranmış vəziyyətlə bağlı bir sıra məqamları yaşadığım rayonun timsalında sizin nəzərinizə çatdırmaq istəyirəm. Təkcə bir faktı qeyd edim ki, bizim rayonda fiziki şəxslərin mülkiyyətinə verilən fərdi yaşayış evlərinin altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamənin verilməsi hazırkı dövrə qədər tam başa çatdırılmamışdır.
Bu vəziyyəti yaradan bir sıra amillər vardır ki, mən onlara toxunmağı vacib bilirəm. Qanunun 8-ci maddəsində 2 №-li formanın verilməsi üçün 10 gün, 9-cu maddəsində isə vətəndaşın ərizəsinə əsasən mənzilin özəlləşdirilməsi barədə dövlət qeydiyyatını həyata keçirmək üçün bir ay vaxt nəzərdə tutulur. Təəssüf ki, qanuna əlavə və dəyişikliklərdən sonra da bu maddələr olduğu kimi saxlanılır. Təcrübədən çıxış edərək bildirirəm ki, 8-ci və 9-cu maddələrdə qeyd edilən müddətlərin bu qədər çox qoyulması, əslində, məmurların şəxsi mənfəətinə xidmət eləyən əsassız süründürməçiliyə şərait yaratmaqla hər yerdə fiziki şəxslərin hüquqlarının pozulması ilə nəticələnir. İndi biz eşitdik ki, bir ay 20 günlə əvəz edilir. 10 gün də aşağı salınmalıdır.
İndiyə qədər insanların fərdi yaşayış evlərinin altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair sənədlər ala bilməməsinin digər səbəbi tarif qiymətlərinin çox yüksək olmasıdır. Vətəndaş yaşadığı mənzili özəlləşdirmək üçün 160-180 min manat, fərdi evini inventarlaşdırmaq və hüquqi cəhətdən qeydiyyatını aparmaq üçün 200-220 min manat haqq ödəməli idi. Heç kimə sirr deyil ki, rayon ərazisində, xüsusi ilə kənd yerlərində yaşayan vətəndaşların ağır maddi durumları bu qədər pulun ödənilməsinə imkan vermir. Şübhə etmirəm ki, tarif qiymətləri azalmayacaqsa, vəziyyət elə belə də qalacaqdır. Heç də təsadüfi deyildir ki, İmişli rayon mərkəzində fiziki şəxslərin heç biri torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnaməni ala bilməmişdir. Bu bir faktdır və bu fakt bu günə qədər fərdi yaşayış evlərinin, insanlara məxsus olan digər tikili və qurğuların texniki inventarlaşmasını və hüquqi cəhətdən qeydiyyatını mümkünsüz etmişdir.
Kənd yerlərində vəziyyət bir qədər fərqlidir. Burada fiziki şəxslərə məxsus olan fərdi tikililərin inşası, əsasən, keçmiş SSRİ dövründə aparılmış və başa çatdırılmışdır. Həmin dövrdə isə inşası başa çatmış fərdi yaşayış evlərinin istismara qəbul edilməsi ilə bağlı həmişə akt tərtib edilmişdir. Hazırda fərdi evlərin texniki inventarlaşdırılmasında və hüquqi cəhətdən qeydiyyata alınmasında bu aktlar əsas sənəd hesab olunur. Yeni qanunun tətbiqi ilə əlaqədar fərdi yaşayış evlərinin dövlət qeydiyyatına alınması zamanı yerlərdə ziddiyyətlərin, narazılıqların yaranmaması üçün bu məsələlərə xüsusi yer verilməlidir.
Hörmətli deputatlar, bir məsələni də sizin nəzərinizə çatdırmaq istəyirəm. Adından göründüyü kimi, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin əsas vəzifəsi vətəndaşlara texniki və hüquqi cəhətdən xidmət göstərməkdən ibarətdir. Bu vəzifəni həyata keçirmək, vətəndaşlara daha yaxından və daha rahat xidmət göstərmək üçün reyestr xidməti öz fəaliyyət dairəsini bir qədər də genişləndirməli olduğu halda biz yerlərdə tamamilə başqa mənzərənin şahidi oluruq. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yerli qurumlarla birləşərək ərazi idarələri yaradır. Əvvəllər bütün rayonlarda dövlət texniki inventarlaşdırma və mülkiyyət hüququnun qeydiyyatı idarəsi var idi. İndi, səhv etmirəmsə, bütün ölkə üzrə cəmi 24 yerdə ərazi idarələri yaradılıb. Bu isə o deməkdir ki, bir arayış üçün, məsələn, İmişli sakinləri Sabirabad rayon mərkəzinə getməli olacaqlar. Yerlərdə əhalinin ağır maddi durumda yaşadığını nəzərə alsaq, fərdi yaşayış evlərinin, digər tikinti və qurğuların qeydiyyatı üçün qonşu rayonlara getməli olacaq insanların hansı çətinliklərlə üzləşəcəklərini təsəvvür etmək o qədər də çətin deyildir. Mənzil fondunun özəlləşdirilməsi və mülkiyyət hüquqlarının qeydiyyatı ilə əlaqədar bütün ölkə üzrə kifayət qədər problemlərin əmələ gəldiyi bir dövrdə yerli qurumların ləğvini səhv addım hesab edirəm və ümid edirəm ki, qısa müddətdən sonra bu qurumların bərpası yenidən gündəmə gələcəkdir. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Saat 4-ə qədər tənəffüs elan edirəm.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşin. Müzakirələri davam edirik. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputatlar! “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna bəzi dəyişikliklər və əlavələr edilməsi üçün cənab Prezident layihəni müzakirəmizə təqdim etmişdir. Daşınmaz əmlakın dövlət reyestri elektron şəbəkə vasitəsi ilə, eyni zamanda, kağız sənədlərlə ətraflı məlumatlar toplanaraq hazırlanır və müraciət edən şəxslərə təqdim edilir. Komissiya sədrləri bu barədə ətraflı məlumatlar və izahatlar verdilər. Müsbət cəhət odur ki, vətəndaşlar və müştərilər ətraflı məlumatı və lazımi sənədləri bir orqan vasitəsi ilə əldə edəcəklər. Bu informasiyaların toplanmasında, sənədlərin tərtibində və verilməsində nöqsanlara yol verən və bürokratik əngəllər törədən müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinə cəza tətbiq olunmasının nəzərdə tutulması təqdirəlayiqdir. Aqrar siyasət komissiyasında müzakirə zamanı təkliflərimizi vermiş, mövcud qanuna edilən dəyişikliklərin əsaslı və yerində olmasını qeyd etmişik. Hesab edirəm ki, qanun layihəsinə dəyişiklik edilməsinə ehtiyac var. Ona görə də mən qanuna dəyişiklik edilməsinin lehinə səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunan qonaqlar! Daşınmaz əmlakın dövlət reyestri haqqında qanunvericilik təşəbbüsü ilə Milli Məclisə daxil olan dəyişikliklər haqqında İqtisadi siyasət komissiyasının sədri çox hörmətli akademik Ziyad müəllim ətraflı məlumat verdi. Mən də istərdim ki, qanun layihəsi ilə bağlı bəzi fikirlərimi deputat həmkarlarımla bölüşüm. Məlum olduğu kimi, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə iqtisadiyyatın hüquqi tənzimlənməsi və mülki hüquq sahəsində vacib islahatlar və müəyyən dəyişikliklər həyata keçirilir. Bu tədbirlər idarəçilik baxımından və vətəndaşların hüquqi təminatını yaxşılaşdırmaq nöqteyi-nəzərindən, hesab edirəm ki, çox önəmlidir. 2004-cü ildə qəbul edilmiş və qüvvəyə minmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun da bu qəbildən olan qanunlardandır. Qanun qüvvəyə mindikdən sonra bir neçə vacib hüquqi normativ aktlar qəbul edilmiş, ən önəmlisi isə ölkədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılmışdır. Bu işlər bu gün də uğurla davam etdirilir.
Bu gün möhtərəm Prezidentimizin qanunvericilik təşəbbüsü ilə müzakirəyə çıxarılan qanun layihəsində “Torpaq islahatı haqqında”, “Torpaq bazarı haqqında”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanunlara, Torpaq Məcəlləsinə, Mülki və İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliklər və əlavələr “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tam işlənməsinə şərait yaradacaq, müvafiq qanunlarda olan boşluqları, uzlaşmayan məqamları aradan qaldıracaq, daşınmaz əmlakın dövlət reyestri institutunun ölkənin iqtisadi və mülki hüquq sahəsində yerini müəyyən edəcəkdir.
Torpaq Məcəlləsinin mətnindən bütövlükdə XVI fəslin çıxarılması, hesab edirəm ki, çox düzgün haldır. Əks halda “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunda və yuxarıda adlarını çəkdiyim digər qanunvericilik aktları arasında uyğunsuzluqlar və müddəaların bir-birini təkrarlaması baş verir. Eyni belə bir hal layihənin 14-cü maddəsində nəzərdə tutulan bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydası haqqında Əsasnamə mətninə də aiddir.
Daşınmaz əmlakın dövlət reyestrinin vahid qanunvericilikdə birləşdirilməsi, bu qanunvericiliyə aid müddəaların qüvvədə olan digər qanunlardan çıxarılması və dəyişdirilməsi, bu sahədə mükəmməl sistemin yaradılması və bu sistemin konkret dövlət orqanının səlahiyyətinə verilməsi daşınmaz əmlaka dövlət və ictimai nəzarəti gücləndirəcək. Eyni zamanda, qeyd etmək istərdim ki, daşınmaz əmlakın dövlət reyestri sistemi ölkədə korrupsiyaya qarşı mübarizə qanunvericiliyinin icrasına əsasən yardım edəcək, sahə qanunlarının işini müəyyən qədər asanlaşdıracaq.
Müzakirə etdiyimiz bu qanunun özü də qüvvəyə mindikdən sonra bir sıra normativ hüquqi aktlarda dəyişiklik ediləcək. Xüsusi ilə bu qanunun 12-ci bəndi və “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” Qanuna edilən dəyişikliyin işlək mexanizmini hazırlayarkən dövlət əmlakının idarə edilməsi ilə məşğul olan, daşınmaz əmlakın dövlət reyestrini aparan qurumların səlahiyyətləri aydın və birmənalı verilməlidir ki, onların fəaliyyətində anlaşılmazlıq olmasın. Bu barədə çox hörmətli akademik Ziyad müəllimlə söhbət etdim. Hörmətli həmkarlarımın diqqətini 29.5-ci maddədə verilmiş bir fikrə yönəltmək istərdim. Burada deyilir ki, özəlləşdirilmiş obyekt üzərində alıcının mülkiyyət hüququ dövlət əmlakının satıcısı tərəfindən verilən mülkiyyət hüququ haqqında şəhadətnamə ilə rəsmiləşdirilir. Hesab edirəm ki, mülkiyyət hüququ rəsmiləşdiriləndən sonra dövlət reyestrini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına dövlət əmlakının özəlləşdirilməsi haqqında informasiya verilməlidir ki, gələcəkdə mülkiyyət sahiblərinə girovda olmamaq haqqında hansısa bir arayışı verəndə, bir sistemdən digər sistemə müraciət zamanı aradakı boşluqlar aradan götürülsün.
Çıxışımın sonunda hörmətli həmkarım Əli müəllimin qeyd etdiyi “Torpaq bazarı haqqında” Qanunun 8-ci maddəsində “10 gün” sözlərinin “5 gün” sözləri ilə əvəz edilməsini mən də dəstəkləyirəm. Hörmətli cənab Sədr, hesab edirəm ki, müəyyən müzakirədən sonra bu qanun layihəsi səsə qoyulub qəbul edilə bilər .
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinin Milli Məclisə daxil olması, mən deyərdim ki, çox vaxtında atılmış addımdır. Burada vahid reyestr sistemindən söhbət açılır. Bu, insanların müxtəlif orqanlara müraciət etməməsi üçün daşınmaz əmlakın vahid bir orqanda qeydiyyatdan keçirilməsi ilə əlaqədardır.
Bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət komissiyasında çox ciddi müzakirədən keçib. Orada bizim bir sıra təkliflər verilib. O təkliflərin əsas hissəsi Ziyad müəllim tərəfindən səsləndi.
Bu qanun layihəsində ciddi müzakirə olunan məsələlərdən biri 144.3-cü və 146.4-cü maddələrlə bağlıdır. Burada oxuyuruq: “144.3-cü maddədə “ərizəni müvafiq təsdiqləyici sənədlərlə” sözləri “hüquq əldə edənin notariat qaydasında təsdiq edilmiş ərizəsini müqavilə, hüquqların dövlət qeydiyyatı üçün qanunla nəzərdə tutulmuş digər əsasları əks etdirən sənədlər, torpaq sahəsinin planı və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan-cizgisi və dövlət rüsumunun ödənilməsi barədə qəbz ilə” sözləri ilə, “verməyə borcludur” sözləri “göndərir” sözü ilə əvəz edilsin”. 146.4-cü maddə də eynidir. Biz komissiyada bunun üzərində ciddi müzakirə apardıq və belə təklif elədik ki, “göndərir” sözü “ərizəçiyə verir” sözləri ilə əvəz edilsin. Bu nə ilə əlaqədardır? Bilirsiniz ki, təsdiq olunan material ərizəçiyə poçtla göndərilir, bu da uzun müddət, elə vaxt olur ki, bir ay çəkir. Ona görə də təklif edirik ki, bu maddə dəyişilsin, sənədin bir nüsxəsi ərizəçiyə dərhal verilsin.
Mən hesab edirəm ki, Oqtay müəllim, dövlət reyestri ilə əlaqədar hələ çox dəyişikliklər olacaq. Torpaq islahatı Azərbaycanda faktiki olaraq başa çatmaq üzrədir. Torpaqla əlaqədar mülkiyyət münasibətlərini Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirmək olmaz. Bunu mütləq Dövlət Torpaq Komitəsində, ya haradasa qeydiyyatdan keçirmək lazımdır. Mən yenə deyirəm, bütün dünyada qəbul olunmuş bir qaydadır, vahid reyestr forması qəbul olunur. Ona görə də elə hesab edirəm ki, bu qanun olduğu şəkildə, verilən təkliflərlə qəbul olunmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fəzail Ağamalı.
 F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən ölkə Prezidenti İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilən bu layihəni müsbət qiymətləndirirəm. Mənə elə gəlir ki, layihə qanunvericilikdə uyğunsuzluqların aradan qaldırılmasında ciddi və əsaslı rol oynayacaq. Hörmətli komissiya sədrlərinin vermiş olduğu məlumatlara söykənərək həm də onu qeyd etmək istəyirəm ki, bu əlavə və dəyişikliklərin edilməsi tamamilə məntiqidir.
Əlbəttə, bəzi qanunvericilik aktlarında, daha dəqiq desək, 15 qanunda aparılmış bu dəyişikliyin məntiqində və fəlsəfəsində vacib olan bir məqam dayanır. O da ondan ibarətdir ki, daşınmaz əmlakın reyestri bir mərkəzdən idarə olunsun, bir mərkəzdən həyata keçirilsin, bununla da, əslində, bürokratiya, süründürməçilik və ondan doğan neqativ hallar aradan qaldırılsın. Buna xidmət edən əlavə və dəyişikliklər, ümidvaram ki, daşınmaz əmlakın reyestri ilə bağlı olan proseslərdə hər hansı süründürməçiliyi, bürokratiyanı, əngəlləri və ondan doğan neqativ halları aradan qaldırmaqda öz təsirini göstərəcəkdir.
Bu cür əlavə və dəyişikliklər gözlənilən idi. Ona görə ki, ölkə Prezidenti tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin yaradılması və bu qurumun Əsasnaməsinin qəbul edilməsi bunu zəruri edirdi.
Mən bu qanun layihəsini müsbət qiymətləndirirəm və mənə elə gəlir ki, gələcəkdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə digər müvafiq qurumlar arasında problemlər yaranmayacaq, əksinə, təqdim edilmiş qanun layihəsi o problemlərin aradan qaldırılmasında öz müsbət rolunu oynayacaqdır. Mən bu qanun layihəsinə səs verəcəyəm.
Sədrlik edən. Aqil Abbasov.
A. Abbasov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məndən əvvəl yoldaşlar danışdılar. Bir-iki iradım var idi, amma sonra Eldar müəllimlə söhbətimiz oldu və biz bir-birimizi anladıq deyə vaxt almaq istəmirəm. Sağ olun.
Sədrlik edən. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, bu dəyişikliklərə çox ciddi ehtiyac vardır. Torpaq islahatı başa çatmaq üzrədir. Torpaq üzərində mülkiyyət hüququnu təsdiq etmək vacib idi. Çünki torpaq bazarı, əslində, torpaq üzərində mülkiyyəti təsdiq edən sənəd əsasında formalaşa bilər. Bu baxımdan bizim müzakirəmizə verilən dəyişikliklər, hesab edirəm ki, Azərbaycanda mülkiyyət münasibətlərinin formalaşması, torpaq bazarının formalaşması baxımından xüsusi əhəmiyyətə malikdir. Ancaq burada, - deputat həmkarlarımız da qeyd elədilər, - bu dəyişikliklərin içərisində təklif olunan elə maddələr də var ki, onlar bu və ya digər formada neqativ halların meydana çıxmasına gətirib çıxaracaq. Biz hamımız Azərbaycanda yaşayırıq, bu vəziyyəti görürük. İnsanlar nə qədər çox idarədən asılı olurlarsa, bir o qədər çox neqativ meyillər meydana çıxır.
Hesab edirəm ki, bizə təqdim olunan layihədə “Torpaq bazarı haqqında” Qanunun 19-cu maddəsinə xüsusi şəkildə müdaxilə etməyə ehtiyac var. Bu qanunlar və düzəlişlər, bir qayda olaraq, müvafiq icra hakimiyyəti orqanlarının özləri tərəfindən hazırlandığından həmin icra strukturunun maraqları və onun nəzarət etmək istədiyi mexanizm, bir qayda olaraq, Milli Məclisə göndərilən qanunlarda əks etdirilir və bu da qəbul olunan qanunların geniş əhali kütləsindən daha çox müvafiq icra hakimiyyətinin maraqlarına cavab verməsinə gətirib çıxarır.
Mən hesab edirəm ki, torpaq üzərində mülkiyyət hüquqlarının təsdiq edilməsini hökmən bir orqana tabe eləmək lazımdır. Burada praktiki cəhətdən, Oqtay müəllim, elə vəziyyət yarana bilər ki, məsələn, bu üç orqandan ikisi təsdiq eləyər, üçüncüsünün qaydalarına uyğun gəlməz. Onda bu mülkiyyətçi hansı vəziyyətdə qalacaq? Ən yaxşı variant odur ki, bu bir orqanda təsdiq edilsin, həmin orqan tərəfindən müvafiq şəhadətnamənin, yaxud mülkiyyət kağızının surəti digər idarələrə göndərilsin, vətəndaşla həmin idarələr arasında birbaşa əlaqə yaranmasın. Çünki hər idarənin özünün tələb elədiyi müəyyən sənədləşmələr var, müəyyən qaydalar var, müəyyən yanaşma tərzi var. Kənd təsərrüfatı da, bilirsiniz ki, çox da gəlir gətirən sahə deyil, kreditləşmə sistemi yaxşı həyata keçirilməyib, əhalinin bu idarələr arasında olan münasibətləri tənzim eləməyə imkanı yoxdur.
Burada deputat həmkarlarımızın da çıxışlarında səsləndi, xüsusi ilə 19-cu maddə ciddi narazılıq doğuran maddədir. Xahiş edirəm, bu maddədə dəyişiklik edilməsi üçün Siz də təsirinizi göstərəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Yəqin, razılaşarsınız ki, insanlıq yaranandan bəri mülkiyyət hüququ, mülkiyyət münasibətlərinin tənzimlənməsi məsələləri həmişə cəmiyyətin diqqət mərkəzində olub. Elə bugünkü müzakirə də bir daha ona dəlalət edir ki, həmkarlarımızın mövqeyi də çox vacib məsələdir. Mən də həmin qanun layihəsi ilə bağlı təkliflərin hər birinə müsbət yanaşıram. Məndən öncə çıxış eləyən deputat həmkarlarım mənim demək istədiyim bir çox fikirləri artıq səsləndirdiklərinə görə vaxtınızı almaq istəmirəm.
Qeyd eləmək istəyirəm ki, xüsusən Əli müəllimin təklifini, yəni 10 gün müddətinin 5 günə endirilməsini mən məntiqi hesab edirəm. Çünki müasir informasiya texnologiyaları ilə işləyəcək bir qurum üçün əhalinin müraciətinə 5 gün müddətində reaksiya vermək heç də çətin deyildir.
Həmkarlarımdan biri tərəfindən səsləndirilən o fikirlə də razıyam ki, kənd rayonlarında daşınmaz əmlak altında olan torpağın qiymətləri bir az yüksəkdir, o tariflərə yenidən baxmaq yaxşı olardı. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Çıxışımı mən saxladım.
Sədrlik edən. Yaxşı. Onda mən xahiş edirəm, həmkarlarımızın verdiyi sualları komissiya sədrləri cavablandırsınlar.
Z. Səmədzadə. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən müzakirədə iştirak eləyən deputatlara təşəkkürümü bildirirəm. Sözün əsl mənasında çox dəyərli fikirlər söylənildi.
Bəzi məsələlərə münasibətimi bildirmək istərdim. Hörmətli Əli müəllim ilk çıxışında tamamilə haqlı olaraq dedi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qəbul olunana qədər Milli Məclisdə xeyli müzakirələr aparılmış, nəhayət, parlament həmin qanunu 2004-cü ildə qəbul etdikdən sonra respublikamızda qanunun icrası ilə əlaqədar çox böyük işlər görülmüşdür. Ona görə də cənab Prezident tərəfindən təqdim olunmuş bu dəyişikliklər, heç şübhəsiz ki, respublikamızda daşınmaz əmlakın reyestri ilə bağlı meydana çıxan problemlərin həllinə kömək edəcəkdir.
Hörmətli Əli müəllim tamamilə haqlı olaraq iki məsələni qaldırdı. Mən fasilə vaxtı Əli müəllimə məlumat verdim ki, daşınmaz əmlakın açıqlığı məsələsi barədə dediyi fikir tamamilə düzdür. İşçi qrupu Prezident Aparatında müvafiq strukturlarla bu məsələni həll edib. Yəni daşınmaz əmlakın tam açıqlığı məsələsi qanun layihəsindən çıxarılır və sonrakı abzas qalır. 10 günün 5 günə endirilməsi məsələsi də tamamilə düzgün qaldırılıb və bu təklif də diqqəti cəlb edir. Bu da işçi formasında həll ediləcək.
Burada Qüdrət Həsənquliyev məsələ qaldırdı. Mən bildirmək istəyirəm ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 13.7-ci maddəsində qeydiyyatın vacib prinsipi təsbit olunmuşdur. Həmin maddə nədən ibarətdir? Üzərində mülkiyyət hüququnun qeydiyyata alındığı torpaq sahəsi onda yerləşən daşınmaz əmlakla birgə vahid daşınmaz obyekt kimi qeydiyyata alınır. Son illər ölkəmizdə bu prinsipdən irəli gələn mühüm işlər görülüb. Cənab Prezident tərəfindən reyestrin aparılması qaydaları və “Reyestr xidməti haqqında” Əsasnamə təsdiq olunub. İnkişaf etmiş sivil ölkələrin heç birində torpaqların və onların üzərində olan obyektlərin qeydiyyatı ayrı-ayrı reyestrlərdə aparılmır. Torpaq üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində deyil, başqa strukturlar tərəfindən qeydə alınması, təbii ki, yenidən müəyyən problemlər və qəbul edilmiş qanunun həyata keçirilməsi ilə əlaqədar çətinliklər yaradardı.
Qüdrət müəllim tamamilə haqlı olaraq 324-3.2-ci maddənin çətin oxunması haqqında fikir söylədi. Həqiqətən, burada redaktə xarakterli işlər görmək olar. Mən hesab edirəm ki, bu məsələni də işçi qaydasında həll eləyə bilərik.
İnzibati Xətalar Məcəlləsinə dəyişikliklərdə dövlət qeydiyyatı haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət nəzərdə tutulur. Burada deyilir ki, daşınmaz əmlak barədə texniki məlumatın dəqiqliyinə və vaxtında təqdim edilməsinə həmin daşınmaz əmlakın dövlət uçotunu aparan müvafiq icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri cavabdehdirlər. İnzibati Xətalar Məcəlləsinin 25-ci maddəsinə görə vəzifəli şəxslər üçün cərimənin yuxarı həddi şərti maliyyə vahidinin 90 misli, aşağı həddi isə 3 mislidir. Bu baxımdan layihədə göstərilən cərimələrin hədləri düzdür və burada heç bir ziddiyyət təşkil etmir.
Hörmətli Elton müəllim dövlət əmlakının özəlləşdirilməsi ilə əlaqədar məsələ qaldırdı. Bu məsələyə işçi qrupunda bir də baxılar. Biz Prezident Aparatının müvafiq strukturları ilə müəyyən dəqiqləşdirmələr apara bilərik.
Vahid müəllimin dedikləri tamamilə düzdür. Məlumat üçün bildirim ki, işçi qrupu Vahid müəllimin komissiyanın iclasında qaldırdığı məsələ üzərində işləyib və belə qərara gəlib ki, 144.3-cü maddədə “notarius” sözündən sonra “müqavilənin iki nüsxəsini müraciət etmiş şəxsə verir və ya” sözləri əlavə edilsin. Bu, əlbəttə, dövlət reyestrinə müraciət edənlərin hüquqlarının qorunmasına xidmət edir.
Burada təkliflər oldu ki, ərazi strukturları az yaradılır. Bu, hələlik Nazirlər Kabinetinin səlahiyyətində olan məsələdir. Təbii ki, subyektlər inkişaf etdikcə, bu məsələ ilə əlaqədar əməliyyatlar genişləndikcə gələcəkdə Nazirlər Kabineti hər bir rayonda daşınmaz əmlakın reyestri ilə əlaqədar strukturlar yarada bilər.
Mən burada bizim komissiyanın səlahiyyətində olan məsələlərlə əlaqədar edilmiş təkliflərə görə hamınıza minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, bu dəyişikliklər respublikada mülkiyyət münasibətlərinin, iqtisadi münasibətlərin təkmilləşməsinə, başlıcası isə daşınmaz əmlakdan istifadə edən fiziki və hüquqi şəxslərin hüquqlarının daha yaxşı qorunmasına əlverişli şərait yaradacaqdır. Ona görə deputat həmkarlarımdan xahiş edirəm ki, bu məsələyə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Təşəkkür edirəm. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən ilk növbədə akademik Ziyad müəllimə təşəkkür edirəm. Qısa zaman çərçivəsində təklif edilmiş müddəalarla bağlı araşdırmalar aparıldı. Biz qanunu təqdim etdik və müzakirələr zamanı müəyyən fikirlər səsləndi. Etdiyimiz təkliflərin yeganə məqsədi və məramı ondan ibarət olub ki, vətəndaşlarımızın hüquqları daha səmərəli təmin olunsun və eyni zamanda, bu sahəni tənzimləyən dövlət orqanlarının işi daha çevik və daha optimal olsun. Bu baxımdan müddətlərin qısaldılması ilə bağlı, Mülki Məcəllə ilə bağlı etdiyim təklifləri dəstəklədiyinizə görə təşəkkür edirəm və hesab edirəm ki, bu, ilk növbədə bizim vətəndaşların marağına xidmət edir. Ziyad müəllim digər məsələlərə, o cümlədən İnzibati Xətalar Məcəlləsi ilə bağlı məsələlərə də aydınlıq gətirdi.
Son olaraq, cənab Sədr, onu demək istəyirəm ki, bazar iqtisadiyyatı şəraitində mülkiyyət hüququnun təminatı məhz Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən həyata keçirilir. Bu çox vacibdir. Vahid dövlət reyestri mövcud olmadan mülkiyyət hüququna zəmanət vermək, ipoteka kreditini həyata keçirmək, bütövlükdə sahibkarlıq fəaliyyətini təmin etmək mümkün deyil. Bu baxımdan həm bu xidmətin yaradılması, həm də bu gün qanunlara edilən əlavə və düzəlişlər çox əhəmiyyətlidir. Ona görə təklif edirəm ki, məsələ səsə qoyulsun və qəbul edilsin. Çünki prinsipial məsələlərin hamısının həm komissiyada, həm də burada həllini tapdıq. Hesab edirəm ki, bu məsələlərin bu cür həllini tapması, həm komissiya sədrlərinin, həm işçi qrupunun, həm də Prezident Aparatı nümayəndələrinin vahid mövqedən çıxış etməsi müsbət amildir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Komissiya sədrlərindən daha kim çıxış etmək istəyir? Eldar müəllim.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputat həmkarlarım Qüdrət Həsənquliyev və Fazil Mustafayev “Torpaq islahatı haqqında” Qanunla əlaqədar fikirlərini dedilər. Mən ilk öncə onu qeyd etmək istəyirəm ki, qabaqlar təqdim olunan əlavə və dəyişikliklərdə bu layihədən fərqli olaraq arayış hazırlanar və burada müqayisəli şəkildə göstərilərdi ki, məsələn, “Torpaq islahatı haqqında” Qanunun qüvvədə olan 10-cu maddəsində nə deyilir, həmin maddənin yeni redaksiyası nədən ibarətdir, yəni təklif nə olub? Burada təklif göstərilib, amma qüvvədə olan maddə və ya bənd verilməyib. Ona görə ola bilsin ki, həmkarlarım qüvvədə olan maddə ilə həmin maddənin təklif olunan variantını müqayisə edib tam məlumat ala bilməyiblər.
Mən 10-cu maddənin dördüncü hissəsinin qüvvədə olan redaksiyasını nəzərinizə çatdırmaq istəyirəm. Burada əvvəla, maddənin adı gedir: “Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası.” Qüvvədə olan redaksiya nədir? Oxuyuram: “Vətəndaşlara, onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində mülkiyyət hüququna dair şəhadətnamə verilir.” Təklif olunan redaksiya isə belədir: “Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yer quruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir.” Yenə təkrar edirəm, çünki Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti yaradılıb. Yəni bu səlahiyyət tamamilə haqlı olaraq, Torpaq Komitəsindən alınıb Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə verilir.
Mən Torpaq Komitəsinin sədri ilə də danışmışam, bu işlərin içərisində olan bir adamam. Tamamilə qanunauyğundur. Yeni struktur, yeni təşkilat yaranır. Bu təşkilatın səlahiyyəti nədən ibarətdir? Burada həmkarlarım dedilər, Torpaq Komitəsi ixtisaslaşmış orqandır və yeni qurum, ola bilər, bu işi apara bilməsin. Niyə apara bilməsin, biz təyyarə zavodu açmırıq ki? Təyyarə istehsal eləməyəcəyik ki, çətinlik çəkək. Bu mütəxəssislər Torpaq Komitəsində var. Uzaq başı orada olan ixtisaslı kadrlar daşınmaz əmlak xidmətinə dəvət olunacaq və onlara deyiləcək ki, gəlin, bu işi burada aparın. Və yaxud bunu öyrənmək nə çətin şeydir ki?
Bizim komissiya hesab edir ki, qanuna dəyişikliklər tamamilə yerində, lazımlı və yeni yaradılmış təşkilatın hüququna uyğun olaraq nəzərdə tutulub. Ona görə də hörmətli Sədr, xahiş edirəm, səsə qoyasınız.
Sədrlik edən. Arif müəllim, Siz.
A. Rəhimzadə. Cənab Sədr, Regional məsələlər daimi komissiyasında müzakirəmizə təqdim edilmiş qanun layihəsi ilə əlaqədar heç bir tənqidi qeyd, sual olmayıbdır. Odur ki, mənim danışmağa əsasım yoxdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nə təklif olacaq? Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.33 dəq.)
Lehinə 88
Əleyhinə 4
Bitərəf 3
Səs vermədi 4
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi. Sağ olun.
Gündəliyin 8-ci məsələsi. Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (birinci oxunuş). Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri! Hamımıza məlumdur ki, hüquqi və demokratik dövlətin qurulması insan hüquqları və azadlıqlarının qorunması müstəvisindən kənarda həyata keçirilə bilməz. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının qorunması, təbii ki, hər şeydən əvvəl onların normativ tənzimlənməsi hüquqi mexanizmlərin müəyyən edilməsini tələb edir. Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan elə bir qanun tapılmaz ki, insan hüquqları ilə əlaqəli olmasın, bu və ya digər formada insan hüquq və azadlıqları orada təsbit olunmasın. Hər bir qanunun arxasında insan amili durur və bu qanunlar insanlara, vətəndaşlarımıza xidmət edir. Bütün bunlar Konstitusiyamızın 12-ci maddəsində təsbit olunmuş mühüm bir fikirdən irəli gəlir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunması dövlətin ali məqsədidir.
Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanması haqqında qanun layihəsi məhz Konstitusiyanın bu maddəsinin tələbi kimi bu gün sizin müzakirənizə çıxarılmışdır. Eyni zamanda, qeyd etmək istəyirəm ki, bu qanun layihəsinin meydana çıxmasını şərtləndirən mühüm amillərdən biri də “Cinayət Prosessual Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” 14 iyul 2000-ci il tarixli Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi olmuşdur. Mən istərdim ki, onu səsləndirəm: “Həbsdə saxlanma yerlərində şəxslərin saxlanılması bu sahəni tənzimləyən yeni qanun qəbul edilənədək 2000-ci il sentyabrın 1-dək qüvvədə olan Cinayət Prosessual Məcəlləsinin 433-443-cü maddələrinə uyğunlaşdırılmış qaydada Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən qəbul edilmiş müvəqqəti Əsasnaməyə uyğun həyata keçirilir”. Yəni bu məsələlər bu dövr ərzində müvəqqəti Əsasnamə ilə həyata keçirilib və qanunda xüsusi olaraq göstərilib ki, bu sahəni tənzimləyən xüsusi qanun qəbul edilənədək. Yəni faktiki olaraq Cinayət Prosessual Məcəlləsi tərəfindən bizim üzərimizə belə bir öhdəlik qoyulub ki, mütləq bu sahəni tənzimləyən xüsusi qanun qəbul edilsin. Bəlkə də müəyyən mənada biz bir qədər gecikmişik. Amma əsas odur ki, bu qanun artıq işlənib hazırlanıb və parlamentin müzakirəsinə təqdim olunub.
Məlumat üçün bildirim ki, bu qanun işlənib hazırlanarkən, təbii ki, beynəlxalq təcrübə də dərindən öyrənilib, Avropa penitisiar qaydaları, o cümlədən məhkum olunmuş şəxslərlə davranış qaydalarının minimal standartları, azadlıqdan məhrum edilmiş yetkinlik yaşına çatmayanların müdafiəsi haqqında BMT Konvensiyası dərindən öyrənilmişdir.
Predmeti birbaşa azadlıq hüququ ilə bağlı olduğundan qanun layihəsi xüsusi əhəmiyyət kəsb edir. Preambuladan göründüyü kimi, qanun layihəsinin başlıca məqsədi cinayət törətməkdə şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlanma yerlərində saxlanılma qaydalarını və şəraitini müəyyən etməklə bu sahədə yaranan münasibətləri tənzimləməkdən ibarətdir.
Bu münasibətlərin ayrıca bir qanunla tənzimlənməsi şəffaflığı təmin edir. Hər bir şəxs, hər bir vətəndaş, o cümlədən şübhəli və ya təqsirləndirilən şəxs öz hüquqlarını aydın şəkildə və dəqiq bilməlidir. Bu da hər hansı bir əsasnamə yox, qanun şəklində olanda daha şəffaf olur və insan hüquqları daha səmərəli təmin olunmuş olur.
Baxmayaraq ki, qanun layihəsi bu adda sizə təqdim olunub, məlumat üçün demək istəyirəm ki, birgə komissiyaların müzakirəsində qanunun adına əsaslı iradlar oldu. Düşünürəm ki, qanunun adı bu və ya digər formada hüquq müdafiəsi ilə bağlı olmalıdır. Misal üçün, şübhəli və ya təqsirlənən şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı. Biz belə qənaətə gəldik ki, hər halda parlamentə işçi variantında təqdim edək. Yəqin ki, burada daha uğurlu variantlar, daha uğurlu təkliflər olacaq və biz bunlardan birini qəbul edəcəyik. Amma birmənalı demək istəyirəm ki, qanunun indiki adı onun mahiyyətinə və ruhuna o qədər də uyğun deyil.
Qanun layihəsi 48 maddədən və 4 fəsildən ibarətdir. 1-ci fəsil 13 maddədən ibarət olmaqla əsas anlayışları, həbsdə saxlamanın əsas məqsəd və prinsiplərini, o cümlədən həbsdə saxlama yerləri barədə müddəaları və digər məsələləri özündə ehtiva edir. Məlumat üçün bildirim ki, müəyyən anlayışlar, təbii ki, cinayət prosessual qanunvericiliyində öz əksini tapıb və burada bir yenilik etməmişik, anlayışlar, sadəcə, oradan köçürülüb. Bu baxımdan mübahisələr olmamalıdır.
Qanun layihəsinin 3-cü maddəsində həbsdə saxlanmanın əsas prinsipi kimi, qanunçuluq, şübhəli və ya təqsirləndirilən şəxslərin qanun qarşısında bərabərliyi, humanizm, şübhəli və ya təqsirlənən şəxslərin şərəf və ləyaqətinə hörmət edilməsi kimi çox mühüm prinsiplər öz əksini tapmışdır.
Layihənin 5-ci maddəsinə görə həbsdə saxlama yerlərinin iki növü müəyyən edilmişdir - təqsirləndirilən şəxslər üçün istintaq təcridxanaları və şübhəli şəxslər üçün müvəqqəti saxlanma təcridxanaları. Bizim hüquq islahatları çərçivəsində ən uğurlu addımlardan biri də, - bu, cənab Prezidentin Azərbaycanda məhkəmə sisteminin müasirləşdirilməsi haqqında sonuncu məlum fərmanında da öz əksini tapmışdır, - yeni cəzaçəkmə müəssisələrinin və istintaq təcridxanalarının, yəni Avropa standartlarına cavab verən təcridxanaların tikilib təhvil verilməsidir. Hazırda bütün sivil dövlətlərdə olduğu kimi, Azərbaycanda da istintaq təcridxanaları istintaqı həyata keçirən orqanın daxilində yox, Ədliyyə Nazirliyi tərkibindədir və hesab edirəm ki, bu tamamilə düzgündür.
Qanun layihəsinin 13-cü maddəsində həbsdə saxlama yerlərinin daxili nizam qaydaları təsbit edilmişdir. Burada 17 qayda nəzərdə tutulmuşdur. Bu da, əlbəttə, müzakirə predmeti ola bilər. Bütün bunlar həbsdə saxlama yerlərində şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqlarının və azadlıqlarının qorunması məqsədi daşıyır.
Layihənin 2-ci fəsli 18 maddədən ibarətdir. Bu fəsil şübhəli və ya təqsirlənən şəxslərin hüquqi vəziyyətini müəyyən edir. Qanun layihəsi işlənib hazırlanarkən həmin hüquqların mümkün qədər açılmasına xüsusi diqqət yetirilmişdir. Misal üçün, şübhəli şəxslərin şəxsi təhlükəsizlik hüququ 16-cı, onların yazışmaları 17-ci, təkliflərin, ərizə və şikayətlərin göndərilməsi 18-ci, müdafiəçi, qanunu nümayəndə və digər məsələlər 19-cu, dini ayinlərin yerinə yetirilməsi 24-cü maddədə açıqlanmışdır.
Şübhəli və ya təqsirləndirilən şəxslərin cins və yaş xüsusiyyətlərinə görə fərqləndirilməsi məsələsi qanun layihəsinin 28-ci və 29-cu maddələrində öz əksini tapmışdır. Bu maddələrdə qadınların və yetkinlik yaşına çatmayanların həbsdə saxlama yerlərində saxlanılması ayrıca müddəalarla açıqlanmışdır.
Layihənin 31-ci maddəsi şübhəli şəxslərin vəzifələrini müəyyən edir. Bu maddədə konkret olaraq göstərilir ki, şübhəli və ya təqsirləndirilən şəxs daxili nizam qaydaları ilə müəyyən edilmiş həbsdə saxlama qaydalarına, sanitariya-gigiyena qaydalarına əməl etməli, həbsdə saxlama yerinin əmlakına qayğı ilə yanaşmalıdır və sair.
Qanun layihəsinin mühüm 3-cü fəsli 15 maddədən ibarətdir. Bu fəsildə həbsdə saxlama yerlərinin müdiriyyətinin vəzifələri, şübhəli və ya təqsirləndirilən şəxslərin təcrid edilməsi qaydası, həbsdə saxlama yerlərində rejimin təmin edilməsi, eləcə də nümunəvi davranışına görə həvəsləndirmə tədbirlərinin və öz vəzifələrini yerinə yetirmədikdə intizam tənbehinin tətbiq edilməsi məsələləri əksini tapmışdır.
Qanun layihəsinin 4-cü fəsli isə şübhəli və ya təqsirləndirilən şəxslərin azad edilməsinin hüquqi əsaslarına və həbsdə saxlama yerlərində dövlət nəzarətinin və ictimai nəzarətin həyata keçirilməsinə həsr edilmişdir.
Hörmətli millət vəkilləri! Mən qeyd etdim ki, bu qanun layihəsi parlamentdə işçi qrupu tərəfindən işlənib hazırlanmışdır. Düşünürəm ki, qanun layihəsinin zərurəti ilə bağlı bizim fikir ayrılığımız olmayacaq. Amma onu bildirmək istəyirəm ki, bizim üçün bu qanunla bağlı səslənəcək təkliflər, iradlar, əlbəttə, çox vacib və çox əhəmiyyətlidir. Bu baxımdan biz sizlərin hər bir təklifini diqqətlə öyrənməyə hazırıq. İşçi qrupunun özünün də qarşısında duran mühüm vəzifələrdən biri bu qanun layihəsini Avropa insan haqları Konvensiyasının 5-ci maddəsində təsbit olunmuş və Avropa Məhkəməsinin presedent hüququnda artıq açıqlanmış məsələlərə uyğunlaşdırmaqdır. Bizim qarşımızda bu cür çox ciddi bir vəzifə durur. O baxımdan mən sizi əməkdaşlığa dəvət edirəm və əminəm ki, sizlərin köməyi ilə biz ikinci oxunuşa daha mükəmməl bir qanun layihəsi təqdim edəcəyik.
Son olaraq onu demək istəyirəm ki, insan hüquqlarının müdafiəsi baxımından bu qanunun qəbul olunması çox vacibdir və bu qanunu qəbul etməklə biz dünya ictimaiyyətinə, dünya birliyinə və qoşulduğumuz, üzv olduğumuz Avropa Birliyinə bir daha nümayiş etdirmiş olacağıq ki, Azərbaycanda hər bir kəsin, o cümlədən şübhəli və ya təqsirləndirilən şəxslərin hüquqları qanunla qorunur və hüquqla bağlı məhdudiyyətlər də qanunla göstərilir. Bu baxımdan bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Uzun illər boyu həbsxana həyatı yaşamış insanlara cəmiyyətdə bir ehtiyatlıq, inamsızlıq hissi aşılanmış, təcridxanalarda saxlanan şəxslərə qarşı bir şübhə formalaşmışdır. Həbsxana həyatı haqqında dolğun, tam təsəvvür olmadığından cəmiyyətdə həmişə qeyri-obyektiv fikirlər yaranmışdır. Bu gün də həbsxana həyatı haqqında çox da aydın olmayan təsəvvürlər mövcuddur və bu təkcə Azərbaycanda deyil, dünyanın bütün ölkələrində belədir. Lakin yaddan çıxarmaq olmaz ki, həbsxana həyatı bu və ya digər səbəbdən, təsadüfi və ya məqsədli şəkildə cinayət törətmiş insanın yaşadığı bir aqibətdir.
Azərbaycana gələn beynəlxalq ekspertlər Azərbaycandakı həbsxanaların vəziyyəti, orada olan insanların durumu ilə maraqlanır və hər dəfə öz hesabatlarında bu şəraitin beynəlxalq standartlara uyğunluğunu təsdiq edirlər. Həbsxanalarda, təcridxanalarda, müvəqqəti saxlama yerlərində olan insanların hüquqlarının qorunması sahəsində atılan addımlar müsbət qiymətləndirilir.
Tarixən bu sahədə şərə qarşı şər prinsipi rəhbər tutulub. Şüurlarda kök salmış bu fikri ölüm cəzasının ləğvi ilə dağıdan böyük öndərimiz şərə qarşı xeyir prinsipini mənəviyyatımızın əsas prinsipinə çeviribdir. “Mən bu gün hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” - deyən İlham Əliyev cənabları da cəzaçəkmə yerlərində cəza çəkən insanlara humanist münasibətini amnistiya aktlarında, əfv fərmanlarında bildirdi.
Bu gün humanizm, şəfqət və mərhəmət hissini özündə ehtiva edən qanun layihəsi bizim müzakirəmizə verilib. İnsan hüquq və azadlıqlarının təmin olunması sahəsində bu sənədi irəliyə doğru atılmış bir addım kimi qiymətləndirə bilərik. Demokratik cəmiyyətin ən çox tələb etdiyi şəffaflıqdır. Belə bir sənədin qəbul olunması ilə, bu sənədə hər birimizin dərk olunmuş münasibəti ilə biz bu gün həbsxanalarda olan insanlara bildiririk ki, onlara etibar limiti tükənməyib. Biz islah olunub qayıdacaq bu insanların hüquqlarını qoruyaraq, onların cəmiyyətə inteqrasiyasını gözləyirik.
Mənə elə gəlir ki, həmin qanun layihəsinin hər bir müddəası humanizmlə zəngindir. Bu insanların - qadınların, kişilərin, yeniyetmələrin həbsxanalarda cəzaçəkmə müddətində hüquqlarının qorunması, onlara münasibətin humanist prinsiplərə əsaslanması bu qanun layihəsində öz əksini tapıb. Bir də ən əsas odur ki, bu gün cəmiyyət həbsxana həyatı haqqında tam təsəvvürə malik olacaq. Həbsxanalarda çalışan insanlar da, həbsxanalarda cəza çəkən insanlar da bu norma-
lara dəqiq riayət edərlərsə, sözsüz ki, həbsxana xofu, həbsxana haqqında, həbsxanada baş verən hadisələr haqqında olan o təsəvvürlər də aradan qalxar.
Mən bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Mən hər bir millət vəkilini burada olan müddəalara çox ciddi münasibət bəsləməyə çağırıram və inanıram ki, bu qanunun bu gün konseptual baxımdan müzakirəsi zamanı hər birimiz bir vətəndaş kimi ona öz münasibətimizi bildirəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu layihənin müzakirəsində ədliyyə nazirinin müavini Nazim Ələkbərov, Ədliyyə Nazirliyi Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi Musa Hümbətov, Baş prokurorluğun Hüquqi Təminat və Nəzarət İdarəsinin rəisi İlqar Cəfərov, Milli Təhlükəsizlik Nazirliyinin Hüquq şöbəsinin müdiri Bəxtiyar Hacıyev, Ali Məhkəmənin hakimi Müzəffər Ağazadə, Sərhəd Qoşunları Xidməti İstintaq-təhqiqat şöbəsinin rəisi Azər İbrahimov iştirak edirlər. Lazım olsa, onlar da suallara cavab verəcəklər. Müzakirələrə başlayırıq. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təbii ki, Azərbaycanda Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında qanuna bu gün ehtiyac var. Amma düşünürəm ki, birinci növbədə bunun konsepsiyasını Azərbaycan cəmiyyətində dəqiq təhlil eləyəndən sonra belə bir qanunun qəbul olunması istiqamətində müəyyən uğura nail olmaq olar. Biz bu prinsipləri hələ ki müəyyən edə bilməmişik. Sovet dövründə bu cür mexanizm var idi. İki şəxs arasında olan münasibət əsas götürülmürdü. Biri digərinə xəsarət yetiribsə, bu, dövlətin müəyyən etdiyi ictimai münasibətlərə edilən bir qəsd kimi qiymətləndirilirdi və dövlət bunun əsas cəzasını tətbiq eləyirdi. Yəni tərəfin birində dövlət çıxış eləyirdi. Ancaq müasir humanist hüquq anlayışına görə, şəxslər arasında olan münaqişələrin məhz şəxslər arasında çözülməsi istiqamətinə üstünlük verilməlidir. Təəssüf ki, bu qanun da onu göstərir ki, Azərbaycanda alternativ, bərpa xarakterli qeyri-formal mühakimənin inkişafına şərait yoxdur, təkan verilməyibdir.
Elə cinayətlər var ki, onlara görə alternativ variantlarda cəzalar verilə bilər. Azərbaycanda ancaq ən asan yol seçilir, bu da həbs yoludur. Hər cür saxlanma və həbs ancaq məhkəmənin qərarı ilə ola bilər. Bu qanunda isə göstərilir ki, qauptvaxtada saxlanma ilə bağlı qərarı məhkəmədən başqa bir orqan, istintaqı aparan orqan da verə bilər. Digər tərəfdən, imkan daxilində biz ona nail olmalıyıq ki, bu qanunlarla həbs tətbiq edilməsi azaldılsın. Çox həbs tətbiq etmə müstəntiq və prokurorun əslində mükəmməlliyinin göstəricisi deyil. Sadəcə, beləliklə hətta çox yüngül cinayətlərdə belə şübhəli və ya təqsirləndirilən şəxsi həbsə atmaqla onu axtarmadan, sabah tez-tez istintaqa, hansısa bir araşdırmaya çağırmadan, daha yüksək professionallıq göstərmədən hər hansı bir cinayəti, ya törətmədiyi əməli boynuna qoymaqla məsələni rahatlıqla həll etmək yolu seçilir.
Acınacaqlıdır ki, Azərbaycanda bir adamın həbsi qanuna görə təqribən 2 il 6 aya qədər uzadıla bilər. Təsəvvür eləyin ki, bu, şübhəli şəxsdir, yaxud təqsirləndirilən şəxsdir. Bu olduqca acınacaqlı bir vəziyyət yaradır. Bir insan illərlə yata bilər və çıxandan sonra da heç bir orqan buna görə məsuliyyət daşımır.
Zaminə vermək, girov qoymaq, başqa yerə getməmək haqqında iltizam tədbirləri, münaqişələrin alternativ həlli yolları aranmalıdır və qanun da buna xidmət etməlidir. Dünyanın istədiyi də budur. Çünki cinayət prosessual qanunvericiliyin liberallaşması ən vacib şərtlərdən biridir. Çox təəssüf ki, bizdə bu istiqamət getmir. Həbsxanalarda, müvəqqəti saxlama yerlərində ictimai nəzarətin gücləndirilməsi, cəmiyyətlə əlaqəyə açıq olması vacibdir. Şəffaflıq və ictimai nəzarət olmayan yerdə cinayətkarlıq daha çox artır.
Dünyada bu gün elektron braslet üsulu tətbiq olunur. Yəni çox vaxt həbsdə oturması zəruri olmayan şəxslərin hər hansı bir şəkildə kompüterdə qeydiyyatı aparılır və müstəntiqin istənilən vaxt onların harada olması barədə məlumatı olur. Müstəntiq belə şəxsi kompüterlə izləyə və istənilən vaxt çağıra bilir. Bu kimi yenilikləri Azərbaycanda da tətbiq eləmək olduqca vacibdir.
Həbsdə saxlanmanın geniş tətbiq edilməsi bu gün dünyada mənfi hal hesab olunur. Bu, dövlət üçün iqtisadi cəhətdən də sərfəli deyil. Ən maraqlı cəhət odur ki, həbsə qərar vermiş hakim sonradan istintaqın yedəyində sürünməli olur, çünki əsassız olaraq, araşdırmadan bir şəxs haqqında həbsdə saxlanma qərarı çıxarır. Sonradan artıq buna əgər bəraət verilməsi lazım gəlirsə, hakim əvvəlki qərarının məsuliyyətsizliyindən qorxaraq onun haqqında obyektiv qərar çıxarmaqdan çəkinir. Sözsüz ki, bu, insan hüquqlarının pozulmasına xidmət eləyir.
Burada anlayışların verilməsinə də diqqət eləmək lazımdır. Verilən anlayışların böyük əksəriyyəti Cinayət Prosessual Məcəlləsində nəzərdə tutulub, orada açıqlaması verilib. Bunların bu qanuna köçürülməsinin nə əhəmiyyəti var? Biz adətən qanundan məcəlləyə planket normalarla göndəriş etməyə çalışırıq. Əslində məcəllə qanundan yüksək hüquqi statusa malikdir. Məcəllədən hansısa müddəa qanuna köçürülə bilər. Layihədə bir çox müddəalar var ki, onlar barədə fikrimizi maddələr müzakirə olunanda deyəcəyik.
Burada qanundan məcəlləyə göndəriş diqqəti daha çox cəlb edir. Karser qanunvericilikdə nəzərdə tutulmayıb. Özü də mübahisəlidir. Karserin burada xüsusi olaraq qeyd olunması və anlayışın verilməsi, açığı, doğru deyil və ümumiyyətlə, karserin olması məsələsi ciddi müzakirə olunmalıdır.
Həbsdə saxlanmanın məqsədi, prinsipləri məsələsinə də aydınlıq gətirilməlidir. Burada deyilir ki, cinayət prosessual qanunvericiliyin təyinatını təmin etmə məqsədi güdür. Belə bir məqsəd ola bilməz. Burada cinayətlərin qarşısını almaq, cinayətin üstünü açmaq, operativliyi təmin etmək, cinayətkarı cəmiyyətdən təcrid etmək və sair çoxlu məqsədləri sadalamaq olar. Amma ümumi xarakterli nəyisə göstərmək düz deyil.
Biz şübhəli və ya təqsirləndirilən şəxslərin əsas hüquqlarına da diqqətlə yanaşmalıyıq. Cinayət Prosessual Məcəlləsində bu qəbildən təqribən 22 hüquq göstərilibdir. Bilirsiniz ki, şübhəli şəxs hələ günahsız şəxs deməkdir. Bunun ancaq saxlanma ilə hüquqları məhdudlaşdırılır. Bunun qalan hüquqları məhdudlaşdırıla bilməz. Ona yemək gətirilirsə, bunun qarşısı alına bilməz, telefonla danışmaq istəyirsə, bunun qarşısı alına bilməz.
Burada bəzi dəqiqləşdirmələrə də ehtiyac var. Məsələn, axtarış-əməliyyat tədbirlərinin keçirilməsi məsələsi qeyri-müəyyən qalır. Bu tədbirləri kim keçirir - Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi, ya prokurorluq?
Hörmətli Əli müəllim qeyd elədi, müvəqqəti saxlama təcridxanaları gələcəkdə bizim üçün çox ciddi problemlər yaradacaq. Bunlar mütləq bir orqanda cəmlənməli, əvvəl-axır bir orqanın, ya Ədliyyə Nazirliyinin, ya da hansısa başqa bir orqanın səlahiyyətinə verilməlidir. Çünki bütün qanunsuzluqlar məhz müvəqqəti saxlama təcridxanalarında baş verir.
Sonda bir şeyi də qeyd eləmək istəyirəm. “Müvafiq icra hakimiyyəti orqanının istintaq təcridxanaları” ifadəsi, məncə, yanlışdır. Təcridxana məhkəmə ilə bağlı məsələdir. Təcridxana müvafiq icra hakimiyyətinin ola bilməz. Ona görə də bu ifadəni “müvafiq istintaq təcridxanaları” ifadəsi kimi tətbiq eləmək daha doğru olar və hüquqi cəhətdən də daha rahat anlaşılar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli Milli Məclis üzvləri! Qanunun qəbul edilməsinin zəruriliyi barədə heç bir diskussiya aparıla bilməz. Həqiqətən, çoxdan vaxtı çatmış bir qanundur. Şübhəsiz ki, bu qanunda bir sıra qeyri-müəyyənliklərə aydınlıq gətiriləcək və minlərlə insanın hüquq və azadlıqlarının bərpa edilməsi baxımından faydalı rol oynayacaqdır. Amma bunun üçün burada hörmətli məruzəçinin də qeyd elədiyi kimi, qanunun insan hüquq və azadlıqlarına, həqiqətən, xidmət etməsini şərtləndirən doğru-düzgün müddəaların olması olduqca vacibdir.
Qanunun adının qısaca redaktə ilə məhz belə saxlanması daha məqsədəuyğundur. Ona görə ki, təqsirləndirilən və şübhəli şəxslərin hüquqlarının təminatı ilə yanaşı, istintaq və müvəqqəti saxlama təcridxanalarının fəaliyyətini tənzimləyən normaların müəyyən edilməsi də çox böyük əhəmiyyətə malikdir. Bu qanun üzərində ciddi iş davam etdirilməlidir. Ümumiyyətlə, bu qanun layihəsinin dərc edilib ictimai müzakirəyə verilməsi çox faydalı olardı. Çünki burada elə məsələlər vardır ki, bunlar insan hüquq və azadlıqlarının daha ciddi bir şəkildə təminatına yox, bəzən pozulmasına gətirib çıxaracaqdır.
Konkret olaraq mən 31-ci maddə üzərində dayanmaq istəyirəm. Burada şübhəli şəxslərin və təqsirləndirilən şəxslərin əməyə cəlb edilməsi, təcridxanaların istehsalat fəaliyyəti ilə məşğul olması kimi müddəalar öz əksini tapmışdır. Sözün doğrusu, aydın deyildir ki, təcridxanalarda, xüsusən müvəqqəti saxlama təcridxanalarında və istintaq təcridxanalarında hansı istehsalat fəaliyyətindən söhbət gedir. Eyni zamanda, bu maddə Konstitusiyanın “Əmək hüququ” adlı 35-ci maddəsinin bir sıra müddəaları ilə uyğun gəlmir. Bu da ondan ibarətdir ki, heç bir şəxs məcburi şəkildə əməyə cəlb edilə bilməz. Konstitusiyanın 35-ci maddəsinin 5-ci hissəsində məhkəmə qərarı əsasında şəxslərin məcburi əməyə cəlb edilməsi və ya hərbi xidmət zamanı, fövqəladə vəziyyət vaxtı əməyə cəlb edilməsi barədə müddəalar vardır. Amma bir halda ki təcridxanalarda hələlik məhkəmə qərarı ilə əməyə cəlb etmə haqqında məsələ yoxdur, ümumiyyətlə, əməyə cəlb etmə və onunla bağlı olan müddəalar Konstitusiyaya uyğun gəlmədiyinə görə bu qanun layihəsindən çıxarılmalıdır. Orada bir sıra başqa maddələrdə də bu öz əksini tapmışdır. Əməyə görə həvəsləndirmə, nümunəvi əməyə görə hansısa imtiyazların verilməsi və sair.
İkinci məsələ yenə mühüm bir məsələdir. 46-cı maddədə odlu silahın işlədilməsi haqqında bir sıra müddəalar Azərbaycan Respublikası Konstitusiyasının yaşamaq hüququ haqqında 27-ci maddəsinin müddəaları ilə uyğun gəlmir. Çünki yaşamaq haqqındakı maddədə nəinki odlu silahın, ümumiyyətlə, silahın işlədilməsinin konkret halları birmənalı şəkildə göstərilmişdir. Bu qanun layihəsinin 46-cı maddəsində girov saxlanmış şəxsləri, zəbt olunmuş binaları, yerləri, qurğuları və nəqliyyat vasitələrini azad etmək üçün odlu silahın işlədilməsinə icazə verilir. Halbuki heç bir halda Konstitusiyanın qeyd etdiyim maddəsində belə bir hal nəzərdə tutulmamışdır. Belə uyğunsuzluqlar çoxdur. İşçi qrupu bu məsələyə ciddi diqqət yetirməlidir.
Digər bir məsələ müdafiəçinin hüquqları ilə bağlıdır. Çünki müdafiəçi tərəfin hüquqları həm də təqsirləndirilən şəxsin və şübhəli şəxsin əsas hüquqları sırasındadır. Burada 36-cı maddənin 7-ci hissəsində deyilir ki, əgər əsaslı şübhələr varsa, bu təcridxanalara daxil olan şəxslərin əşyaları və paltarları yoxlanılır. Lakin bu, cinayət təqibini və qərarlar üzərində nəzarət funksiyasını həyata keçirən prokurora aid edilmir. Böyük narahatlıq vardır ki, bir sıra hallarda müdafiəçiyə qarşı təzyiq kimi onun paltarlarının, əşyalarının yoxlanılması tətbiq edilə və bu da müdafiəçinin müdafiə etdiyi şəxsin hüquqlarının pozulmasına şərait yarada bilər. Ona görə hesab edirəm ki, əgər bu halda istintaq orqanlarının nümayəndələri üçün imtiyaz nəzərdə tutulursa, ən azı istintaq materialları ilə əlaqədar olaraq müdafiəçinin də belə yoxlamalara məruz qalmamasını nəzərdə tutan müddəalar, normalar müəyyənləşdirilməlidir.
Bu məsələlərlə yanaşı onu da qeyd etməliyəm ki, qanun layihəsində Azərbaycan praktikasında irəliyə doğru çox ciddi addımlar hesab edilə bilən müddəalar da vardır. Bu müddəaların daha da konkretləşdirilməsinə ehtiyac var. Məsələn, istintaq təcridxanasında saxlanılan şəxsin ayda iki dəfədən az olmayaraq öz yaxınları, qohumları və digər şəxslərlə görüşmək hüququ haqqında müddəa çox vacib müddəadır. Amma Cinayət-Prosessual Məcəlləsinin 161-ci maddəsində bu hüquq həbsxana rəisinin hüququ idi. Burada konkretləşdirilib ki, istintaqı aparan orqanın bunun üçün yazılı razılığı tələb olunur. Bu müddəanın bura salınması bəlkə də istintaq maraqları baxımından məqsədəuyğun sayıla bilər. Amma digər bir norma əlavə olunmalıdır ki, şübhəli və ya təqsirləndirilən şəxsin yaxınlarının, yaxud onun özünün görüş haqqındakı müraciətlərinə əsassız olaraq rədd cavabı verilə bilməz. Bu cür dəqiqləşdirmələrin aparılması, məncə, bu normanın tətbiqində insan hüquq və azadlıqlarının pozulmasına yönələcək hansısa özbaşına hərəkətlərdən, bürokratik hərəkətlərdən, hətta bir sıra hallarda korrupsiya faktlarından xilas olmağa imkan verərdi.
Hörmətli məruzəçinin də qeyd etdiyi kimi, burada beynəlxalq minimal standartlara uyğunlaşdırılması tələb olunan bir sıra məsələlər də vardır. Məsələn, layihəyə kameralarda imkan daxilində soyuduculardan, hava dəyişdirən cihazlardan, radioqəbuledici və televizorlardan istifadə etmək üçün olduqca mütərəqqi müddəalar salınmışdır. Lakin hesab edirəm ki, həmin minimal standartların müddəalarına uyğun olaraq bunların həm də şübhəli və ya təqsirləndirilən şəxsin öz vəsaiti hesabına əldə edə bilməsi hüququ orada təmin olunsaydı, bu, humanist addım olmaqla bərabər, həm də əlavə imkanlar məsələsindəki məhdudiyyətləri aradan götürərdi.
Təqdirəlayiq haldır ki, qanun layihəsində ilk dəfə olaraq həbsdə saxlama yerlərində vətəndaşların dini hüquqlarının təmin olunması və dini ayinlərin icrası üçün xüsusi yerin ayrılması kimi müddəalar vardır. Bu vaxta qədər bu, olduqca ciddi problemlər yaradırdı. Amma bu sahədə mənim diqqətimi cəlb edən bir məsələ istintaq təcridxanalarının bir qədər fərqləndirilməsi oldu.
33-cü maddədə şübhəli və ya təqsirləndirilən şəxsin istintaq təcridxanasına daxil olan andan qeydiyyatı müdiriyyətin vəzifəsi kimi qeyd olunur. Amma müvəqqəti təcridxanada qeydiyyat məsələsi qoyulmayıb. Hörmətli Fazil bəyin də dediyi kimi, etiraf etmək lazımdır ki, insanlara qarşı qeyri-qanuni hərəkətlər, işgəncə faktları, onlardan zorla ifadə alınması halları, bir qayda olaraq, müvəqqəti təcridxanalarda həyata keçirilir. Bununla bağlı 9-cu maddədə şübhəli və ya təqsirləndirilən şəxslərin istintaq təcridxanasından müvəqqəti saxlama təcridxanasına keçirilməsi daha konkret sərtləşdirilməli, daha müstəsna hallar üçün nəzərdə tutulmalıdır.
Bütövlükdə təkrar edirəm, olduqca humanist bir iş olaraq, ölkədə, həqiqətən, hüquq və azadlıqların inkişafında mühüm mərhələ xarakterli bir sənəd olaraq bu qanun layihəsinin müzakirəsi və təkmilləşdirilməsi, qəbul edilməsi həm qanuna müvafiq, həm də çox böyük, savab işdir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, konseptual baxımdan bu qanunun qəbulu son dərəcə vacib və önəmlidir. Sözsüz ki, ikinci oxunuşda ayrı-ayrı maddələrə münasibətimizi bildirəcəyik. Amma mən istərdim, ikinci oxunuşa qədər işçi qrupunun diqqətini müəyyən məsələlərə cəlb edim.
Əvvəla, Oqtay müəllim, vaxtilə mərhum Prezident Heydər Əliyev tərəfindən hüquqi islahatların aparılması ilə əlaqədar olaraq bir komissiya yaradılmışdı. Çox təəssüf ki, son vaxtlar həmin komissiya toplanmır. Hər halda mətbuatda bu komissiyanın fəaliyyəti barədə hər hansı bir məlumat yoxdur. Çox istərdim ki, həmin komissiya öz fəaliyyətini davam etdirsin. Doğrudan da, ölkədə hüquqi islahatları dərinləşdirmək, daha da inkişaf etdirmək lazımdır.
Məndən öncə də burada qeyd olundu, vaxtilə istintaq təcridxanaları insan hüquqlarının qorunması baxımından Daxili İşlər Nazirliyindən alınıb Ədliyyə Nazirliyinin tabeliyinə verildi. Bu çox mütərəqqi və müsbət bir hadisə idi. Amma bu gün də qanunun 7-ci maddəsində müvafiq icra hakimiyyəti orqanlarından söhbət gedir və bu gün də istintaq təcridxanalarının hamısı birbaşa Ədliyyə Nazirliyinin tabeliyində deyil. Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanası var. Ona görə biz bu məsələni də qaldırmalıyıq.
Hörmətli Əli müəllim qeyd etdi ki, şübhəli şəxs qismində tutulan və istintaq təcridxanasında saxlanılan şəxslərin hamısının hüquqi vəziyyəti eynidir. Elədirsə, onların hamısının bu təcridxanalarda saxlanılması rejimi bir orqan tərəfindən təmin olunmalıdır. Məndən öncə də çıxış edən millət vəkillərinin qeyd etdiyi kimi, müvəqqəti saxlama yerləri də Ədliyyə Nazirliyinin tabeliyinə verilməlidir. Yəni istintaq aparan orqan şübhəli şəxs qismində tutulmuş və yaxud istintaq altında olan şəxsə həm də birbaşa nəzarət etməməlidir. O halda sui-istifadə halları olur. Məhz bu səbəbdən bir daha vurğulayıram ki, istintaq təcridxanaları Daxili İşlər Nazirliyinin tabeliyindən alınmışdır və onların hamısı bir orqanın tabeliyinə verilməlidir.
“Həbsdə saxlama yerlərinin daxili nizam qaydaları” adlı 14-cü maddədə qeyd olunur ki, bu qaydaları hər bir müvafiq icra hakimiyyəti orqanı özü müəyyənləşdirir. Bu önəmli məsələdir, ona görə mən birinci oxunuşda bu məsələlərə toxunuram. Mən qeyd etdim ki, bu orqanlar müxtəlif olduğuna görə bir istintaq təcridxanasının tabe olduğu orqan bir daxili nizam qaydası müəyyənləşdirəcək, başqa bir müvafiq icra hakimiyyəti orqanı başqa bir nizam qaydası müəyyənləşdirəcək. 14-cü maddədə sadalanıb ki, həmin qaydalarda nələr nəzərdə tutulmalıdır. Məncə, biz bunu müvafiq icra hakimiyyətinin üzərinə qoymamalıyıq. Qanunvericilik qaydasında həmin qaydaları biz müəyyənləşdirməliyik. Qoy qanunun həcmi bir az böyük olsun. Amma qanunvericilik qaydasında bunların hamısı təsbit olunmalıdır ki, bu sahədə də vahid bir qayda müəyyənləşmiş olsun.
Sonda mən bir məsələyə də diqqəti yönəltmək istəyirəm. Burada qeyd olundu ki, qanunda bəzi blanket dispozisiyalı normalar var. “Dövlət nəzarəti və ictimai nəzarət” adlı 49-cu maddədə qeyd olunur ki, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada həbsdə saxlama yerlərində qanunların icra və tətbiq olunmasına dövlət nəzarəti və ictimai nəzarət həyata keçirilir. İndi siz bilirsiniz ki, bizdə hansı vəziyyət var. Millət vəkillərinin diqqətini bu məsələyə cəlb etmək istəyirəm. Bəzi qüvvələr bizim hüquq müdafiə edən təşkilatları da maliyyələşdirirlər, ələ alırlar. Yəni belə bir məqam yarana bilər ki, hüquq müdafiə təşkilatları və jurnalistlər üz tutarlar istintaq təcridxanalarına ki, biz gəlmişik burada ictimai nəzarəti həyata keçirək. Məncə, məhz bu qanunun özündə qanunvericilik qaydasında müəyyən olunmalıdır ki, bu, ayda, yaxud həftədə neçə dəfə ola bilər. Yoxsa indi yüzlərlə qəzet var, gündə də bir dənə qeyri-hökumət təşkilatı yaranır. Mən hesab edirəm ki, məhz qanunun özündə bu məsələlərə diqqət yetirilsə, yaxşı olar.
Biz bu qanunu ikinci oxunuşda hərtərəfli müzakirə edəcəyik. Mən deputat yoldaşlarımı qanuna birinci oxunuşda səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarımın o fikirləri ilə razıyam ki, bu qanun layihəsinin müzakirəsi indiki reallıq üçün çox aktualdır. Amma ümumən, məsələyə yanaşmada mən fərqli düşüncədəyəm və həmin fikirlərimi sizə çatdırmaq istəyirəm. Yekunda bu qanun layihəsinə iki təklifimi səsləndirəcəyəm.
Dünyanın qabaqcıl ölkələri, beynəlxalq təşkilatlar, mütərəqqi insanlar, mütəxəssislər azadlıqdan məhrumetmənin və həbsdə saxlamanın cinayətkarlığın azaldılmasına kömək etmədiyini, əksinə, peşəkar cinayətkarların yetişməsinə təkan verdiyini anlamışlar. Beynəlxalq təşkilatların qəbul etdiyi norma və standartlar həbs cəzasının alternativ cəzalarla əvəzlənməsinə yönəlmişdir. Bu sahədə yeni proqramlar hazırlanır, praktika dəyişdirilir. Bu mənada şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlanmaması xüsusi ilə aktualdır. Birincisi ona görə ki, bu şəxslər, hər şeydən əvvəl, barəsində ittiham hökmü çıxarılmamış şəxslərdir və təqsirləri sübut olunmadığına görə onlara cinayətkar kimi yanaşılmamalı, onlarla cinayətkar kimi davranılmamalıdır. İkincisi, bu şəxslərin təcridxanalarda saxlanması istintaq aparan müstəntiqlərdən başqa heç kimə sərfəli deyil. Dövlət üçün iqtisadi cəhətdən zərərlidir, cəmiyyət üçün mənəvi zərbədir, insan hüquqlarının pozulmasıdır, nəhayət, bu şəxslərə qarşı dövlətin ədalətsiz repressiv metodlardan istifadə etməsidir.
Sözsüz ki, şübhəli və təqsirləndirilən şəxslərin həbsdə saxlanması haqqında qanun konseptual baxımdan insan hüquqlarının qorunmasına yönəlməlidir. Bu qanun təcridxanalarda saxlanılan şəxslərin hüquqlarının qorunmasını təmin etmək üçün olmalıdır. Təəssüf ki, əlimizdəki qanun buna yönəlməmişdir, əksinə, Cinayət-Prosessual Məcəllədə təsbit olunan mütərəqqi müddəaların hüquqlarını bir çox hallarda məhdudlaşdırır.
Düşünürəm ki, imkan daxilində insanların həbsdə saxlanmaması üçün biz müasir mütərəqqi metodlardan istifadə mexanizmini bu qanuna daxil etməliyik. Ona görə mən iki təklifimi səsləndirir və onların bu qanuna daxil edilməsini təklif edirəm. Birincisi, geniş tətbiq edilən elektron brasletlərdən istifadə edilməsi məsələsi bu qanunda əks etdirilsə, təqsirləndirilən şəxsləri təcridxanalarda saxlamağa ehtiyac qalmaz, həm də onların üzərində nəzarət həyata keçirilə bilər. İkincisi, dünyada geniş tətbiq olunan girov ödəmə məsələsi - girovun saxlanması və məhkəmə hökmündən sonra qaytarılması mexanizmi də bu qanunda əks etdirilsə, ölkəmizin mütərəqqi istiqamətdə inkişafına kömək etmiş olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Novruzəli Aslanov.
N. Aslanov. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də konseptual baxımdan bu qanun layihəsinin qəbul olunmasına tərəfdar çıxır və ümid edirəm ki, ikinci və üçüncü oxunuşlarda işçi qrupu tərəfindən müvafiq təkliflər və düzəlişlər həyata keçiriləcək və bu qanun layihəsi öz lazımi formasını əldə edəcəkdir.
Mən burada sizin diqqətinizi bu qanun layihəsinin II fəslinə yönəltmək istəyirəm. 29.3-cü maddədə deyilir: “Şübhəli və ya təqsirləndirilən qadın həbsdə saxlama yerlərinin rejimini müntəzəm və ya qəsdən pozduqda, uşağına qayğı göstərmədikdə və ya lazımi qayğı göstərmədikdə, həbsdə saxlama yerlərinin müdiriyyəti onun uşağının Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qohumlarına və ya digər şəxslərə verilməsi, yaxud da uşaq müəssisələrinə göndərilməsi barədə vəsatət qaldıra bilər”. Hörmətli Sədr, burada məni “digər şəxslərə verilməsi” ifadəsi narahat edir. Hesab edirəm ki, bu ifadə “ailəyə yaxın, yəni aidiyyəti olan digər şəxslərə verilməsi” ifadəsi ilə əvəz olunsaydı, daha yaxşı olardı. Çünki cəmiyyətdə uşaq alveri ilə əlaqədar problemlər mövcuddur. Ona görə burada yazılmalıdır ki, təqsirləndirilən şəxslərin övladı ancaq onlara aidliyi olan insanlara verilə və onlar tərəfindən qəyyumluğa götürülə bilər.
Digər bir təklifim bu qanun layihəsinin adı ilə bağlıdır. Bayaq komissiyanın sədri hörmətli Əli müəllim də bu barədə fikrini bildirdi. Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında qanun layihəsi Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində hüquqlarının qorunması haqqında qanun adlandırılsaydı, daha məntiqə uyğun olardı. Gələcəkdə yazılı formada digər təkliflərimi komissiyaya təklif edəcəyəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Düşünürəm ki, təklif olunan qanun layihəsinin böyük əhəmiyyəti var. Söhbət ondan gedir ki, şübhəli və ya təqsirləndirilən şəxslər məhkəmənin qərarı olmayana qədər günahsızlıq prezumpsiyası nöqteyi-nəzərindən öz vətəndaş hüquqlarını itirməmiş insanlardır və onların vətəndaş hüquqları heç bir formada məhdudlaşdırıla bilməz. Ona görə də günahsızlıq prezumpsiyası bu qanunun əsas leytmotivinə çevrilməlidir.
Burada bir məqama istərdim ki, xüsusi diqqət yetirəsiniz. Söhbət ondan gedir ki, bir sıra beynəlxalq və Azərbaycanda fəaliyyət göstərən insan hüquqları təşkilatlarının hesabatlarına görə, məhz şübhəli şəxs qismində həbs olunan insanların hüquqlarının müvəqqəti təcridxanalarda kobud surətdə pozulması hallarına yol verilir. Onun üçün çox önəmli olardı ki, biz bu qanunu qəbul edərkən onların təcridxanalarda saxlanmalarının və istintaq prosedurlarının şəffaflığını təmin edək. Bu şəxslərə qarşı istintaq əməliyyatlarının vəkilin iştirakı olmadan həyata keçirilməsinin yolverilməzliyi barədə müddəanı biz mütləq bu qanuna daxil etməliyik.
Şübhəli və ya təqsirləndirilən şəxslərin istənilən istintaq əməliyyatlarında iştirakı ilə bağlı zaman məhdudiyyəti, düşünürəm ki, çox önəmli amildir. Hazırda istintaq əməliyyatlarının, deyəsən, saat 11-ə qədər aparılması müəyyənləşdirilib. Məncə, bu vaxtı biz daha da məhdudlaşdırmalıyıq. Çünki bir sıra hesabatlarda olan məlumatlara görə, şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılanlara qarşı istintaq prosedurları gecə vaxtı aparılır və bundan bir təzyiq forması kimi dəfələrlə istifadə olunur. Onun üçün bu məhdudiyyəti biz qanunda saat 8-ə, yaxud 9-a endirməliyik. Biz qanuna şübhəli və ya təqsirləndirilən şəxs qismində saxlanılan vətəndaşlarla bağlı bütün istintaq prosedurlarında vəkilin iştirakı barədə xüsusi bir bənd daxil etməliyik.
Biz bu qanun üzərində işləyərkən Azərbaycanın bir sıra beynəlxalq təşkilatlar qarşısında öhdəliklərini də nəzərə almalıyıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.
Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bu gün müzakirəmizə təqdim olunmuş qanun layihəsi, hesab edirəm ki, öz müddəaları və məzmununa görə çox humanist bir qanun layihəsidir. Bu da təbiidir, çünki Azərbaycanda bu günün özündə də hüquq islahatları davam edir. Bilirsiniz ki, biz Avropa Şurasına daxil olanda götürdüyümüz əsas öhdəliklərdən biri də qanunlarımızı insan hüquq və azadlıqları haqqında Avropa Konvensiyasının tələblərinə uyğunlaşdırmaq olub. Mən hesab edirəm ki, qəbul edəcəyimiz bu qanun layihəsi də Avropa Konvensiyasının tələblərinə uyğundur.
1995-ci ildə biz Konstitusiyamızı qəbul edəndə Konstitusiyanın 12-ci maddəsində belə bir müddəa təsbit olundu ki, Azərbaycan dövlətinin ali məqsədi Azərbaycanda insan və vətəndaş hüquqlarını və azadlıqlarını təmin etməkdən ibarətdir. Bu qanun layihəsi də bu yönümdə tərtib edilmiş bir qanun layihəsidir. Ümumiyyətlə, bu qəbildən olan qanun layihələrində birinci məqsəd həmişə belə olub ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı birinci yerdə durmalıdır.
1998-ci ildə ümummilli liderimiz Heydər Əliyev cənablarının təşəbbüsü ilə nəinki Azərbaycanda, Şərqdə ilk dəfə olaraq ölüm cəzası ləğv edildi. Bu cür qərarı qəbul edən iqtidar bu gün də, birinci növbədə, çalışır ki, qəbul etdiyi bütün qanunlar insan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatına xidmət etsin.
Mənim yaxşı yadımdadır, 2000-ci ildə biz Cinayət Məcəlləsini, Cinayət-Prosessual Məcəlləsini qəbul edərkən, birinci növbədə, Cinayət Məcəlləsinin sanksiyalarında iqtisadi xarakterli cəzaların tətbiq edilməsinə nail olduq. Çalışdıq və hesab edirəm, buna kifayət qədər də nail olduq ki, Cinayət Məcəlləsinin sanksiyalarında müddətlər azaldılsın və insanların uzun müddətə, yaxud ən ağır cəzalara məhkum olunmasındansa iqtisadi xarakterli cəzalar daha çox tətbiq olunsun. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, bu qanun layihəsi də qarşımıza qoyduğumuz tələblərə cavab verən bir qanun layihəsidir. İkinci, üçüncü oxunuş ərzində bu qanun layihəsi hələ cilalanmalıdır. Burada işlənməli şeylər çoxdur.
Mən bəzi məsələlərlə əlaqədar fikrimi demək istəyirəm. Artıq mən qeyd etdim, qanunun konsepsiyası, qanunun fəlsəfəsi alidir, çox humanist məqsədlərə xidmət edir. Burada qanunun adı ilə bağlı fikirlər səsləndi, mən öz fikrimi demək istəyirəm. Əli müəllim, qanunun adı “Şübhəli və ya təqsirləndirilən şəxslərin həbs yerlərində saxlanması haqqında”, yaxud “həbsdə saxlanması haqqında” ola bilər. İki variantdan birini seçmək olar. Təkrarçılıq getməsin. Bu, qanunun məzmunu ilə çox sıx bağlı olan bir məsələdir.
Əli müəllim, burada “məhkum” anlayışı verilib. Amma bu anlayışdan aydın olmur ki, söhbət məhkəmənin qanuni qüvvəyə minmiş hökmünə qədər olan vəziyyətdən gedir. Ona görə də bu anlayış elə yazılmalıdır ki, burada söhbətin məhkəmə tərəfindən qanuni qüvvəyə minməmiş ittiham hökmü, yəni məhkəmənin çıxardığı hökmə qədər olan proses barədə getdiyi aydın olsun.
Burada deputat həmkarlarım tərəfindən belə bir fikir səsləndi ki, bu qanun layihəsində vətəndaşların yaşamaq hüququnun məhdudlaşdırılması, onların həbs olunması və əmək hüququ ilə əlaqədar mübahisəli müddəalar var. Hesab edirəm, bu qətiyyən belə deyil. Əvvəla, Konstitusiyamızın 35-ci maddəsində məhkəmənin qərarı ilə şəxsin məcburi qaydada əməyə cəlb olunmasına yol verilir. Bu 35-ci maddədə nəzərdə tutulub.
Vətəndaşa qarşı silahın işlədilməsi ilə bağlı. Əlbəttə, heç kim istəməz ki, öz vətəndaşına qarşı silah işlətsin, amma bizim Konstitusiyanın 27-ci maddəsinin 4-cü bəndinə görə, qanunla nəzərdə tutulmuş zəruri müdafiə, son zərurət, cinayətkarın yaxalanması, tutulması və ilaxır hallarda silah işlədilməsinə yol verilir. Burada, əlbəttə, ən zəruri hallar nəzərdə tutulur. Biz istəmərik vətəndaşa qarşı silah tətbiq olunsun. Amma söhbət terrorçuluqdan, banditizmdən, narkotik vasitələrin alverindən və bu kimi ciddi məsələlərdən gedirsə, əlbəttə, belə hallarda şəxslərin həbs olunması mümkündür. Ona görə burada “heç bir halda həbsə yol verilməsin” demək düzgün deyil. Mən başa düşürəm, hüquq-mühafizə orqanları çalışmalıdırlar və çalışırlar ki, cinayətin xarakterindən asılı olaraq çox hallarda vətəndaşlar bu müvəqqəti saxlanma yerlərində, təcridxanalarda saxlanmasınlar. Yəni onları həbs etmədən də istintaq işlərini aparmaq olar. Amma elə xarakterli cinayətlər var ki, doğrudan da, vətəndaş barəsində həbs qəti imkan tədbiri görmədən istintaq işi aparmaq mümkün deyil. Yenə deyirəm, bu, törədilən cinayətin xarakterindən asılıdır. Qəsdən adam öldürmə, terrorçuluq, sülh əleyhinə olan cinayətlər bu qəbildəndir. Ona görə hesab edirəm ki, qanun layihəsində təsbit olunmuş normalar bu baxımdan məqsədəuyğundur.
Bir də burada təqsirləndirilən şəxs barəsində anlayışa da ciddi diqqət yetirilməlidir. Bu anlayışda göstərilir ki, təqsirləndirilən şəxs “haqqında müstəntiqin, prokurorun və ya məhkəmənin təqsirləndirilən şəxs qismində cəlb etmə barədə qərar çıxardığı şəxsdir”. Burada aydın olmur ki, ümumiyyətlə, məsuliyyətin hansı növünə cəlb etmə barədə söhbət gedir. Əgər şəxs cinayət törədibsə, deməli, cinayət məsuliyyətindən söhbət getməlidir.
Ümumiyyətlə, hesab edirəm ki, qanun birinci oxunuşun tələblərinə konseptual baxımdan cavab verir. Mən hörmətli millət vəkillərini bu qanun layihəsinə birinci oxunuşda səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ziyafət müəllim. Nizami İsgəndərov.
N. İsgəndərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Parlamentin müzakirəsinə çıxarılmış Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında Azərbaycan Respublikası qanunu layihəsinin insan hüquqları müdafiəsi baxımından cəmiyyətimiz üçün çox aktual, vacib və zəruri olduğunu nəzərə alıb ona səs verəcəyimi bildirir və həmkarlarımdan da bu qanun layihəsinə səs verməyi xahiş edirəm.
Bu qanun layihəsi, bildiyiniz kimi, şübhəli və təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması qaydalarını və şəraitini insan və vətəndaş hüquqlarının müdafiəsi məqsədi ilə tənzimləyən qanun layihəsidir. O, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İnsan hüquqları daimi komissiyalarında müzakirə olunmuş və müzakirə zamanı millət vəkilləri tərəfindən qaldırılmış bəzi irad və təkliflər nəzərə alınmışdır.
Fürsətdən istifadə edib bu qanun layihəsi ilə bağlı bəzi təkliflərimi söyləmək istəyirəm. Birinci, təkliflərin, ərizə və şikayətlərin Milli Məclisin deputatına senzuradan keçirilməmiş göndərilməsi. İkinci, qidalanma ilə bağlı. Dini ənənələri nəzərə almaqla dindar insanlara halal yeməklərin verilməsini təmin etmək. Axırıncı olaraq, yetkinlik yaşına çatmayanların intizam tənbehi kimi karserdə yerləşdirilməsinin məqsədəuyğun olmadığını nəzərinizə çatdırmaq istəyirəm. Ona görə ki, bu, yetkinlik yaşına çatmayanlara çox pis psixi təsir göstərə və onların tərbiyələndirilməsinə deyil, daha da aqressiv olmasına səbəb ola bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, bu qanun layihəsi Azərbaycanda cəza sisteminin humanistləşdirilməsini özündə ehtiva edən bir sənəddir. Yeri gəlmişkən deyim ki, Azərbaycanın keçdiyi müstəqillik illərində ən böyük, bəlkə ən qlobal problemlərdən, cəmiyyət, siyasi dairələr arasında hələ də konsensusa gəlinməsi mümkün olmayan məsələlərdən biri də məhz budur. Azərbaycanın qeyd olunan yaxın tarixi ərzində siyasi qüvvələr arasında həmişə hakimiyyət uğrunda qeyri-qanuni mübarizələr baş verib və istər təqsirləndirilən, istərsə də şübhəli şəxs qismində kimlərinsə, o cümlədən siyasi fəaliyyətlə məşğul olan şəxslərin istintaq təcridxanalarına, ya müvəqqəti saxlama kameralarına yerləşdirilməsi hallarının özü də Azərbaycanda siyasi hakimiyyət uğrunda mübarizənin bir predmetinə çevrilib.
Mən Azərbaycanda bütün istilahları eşitmişəm, amma bu yaxınlarda bir debatda “potensial siyasi məhbus” anlayışını da eşitdim. Bu mənə daha artıq dərəcədə təəccüblü gəldi. Bir vaxtlar SSRİ Ali Sovetinin siyasi bürosu üzvlüyünə namizədlər olurdu. İndi az qala siyasi məhbus adına hələ potensial namizəd şkalası da müəyyənləşdirilib. Azərbaycanda konkret məhkum olunmuş şəxslə məhkum olunmağa qədərki mərhələdə olan şəxslər arasında dəqiq sərhəd qoymaq üçün indiyə qədər müvafiq qanunvericilik aktı olmadığına görə birinci addımdan başlayaraq kimlərisə o qrafaya salıb, o kateqoriyaya layiq görüblər və bu ətrafda da yeni siyahılar müəyyənləşdirilir.
Burada hörmətli Qüdrət bəyin dediyi kimi, hüquq müdafiə qurumları adı altında məhkəmənin, ümumiyyətlə, cəza vermə orqanlarının səlahiyyətlərinin mənimsənilməsi baş verib. İndi tutaq ki, Leyla Yunusun timsalında bir orqan az qala məhkəmə kimi çıxış edir. Belə bir qəribə şəbəkə yaranıb - beynəlxalq qurumlar, onların müvafiq istiqamətdə ixtisaslaşmış təşkilatları və Azərbaycanda formalaşdırdıqları strukturlar. Bunlar Azərbaycanda sanki əlavə üstquruma çevriliblər.
Burada belə fikirlər səsləndi ki, biz cəmiyyətdə humanistləşməyə ancaq o halda nail olarıq ki, hüquq sistemi tam liberallaşsın, eyni zamanda biz alternativ formalar, məsələn, girovqoyma və sair həyata keçirək. Amma məni daha çox nə narahat eləyir? Əlbəttə, şübhəli və ya təqsirləndirilən şəxs qismində tutulub saxlanılan vətəndaşın hüquq və azadlıqlarını qorumaq lazımdır və o vətəndaş hüquqlarının əksəriyyətini saxlayır. Amma onun tərəfindən hüququ pozulmuş vətəndaşların hüquqlarına da sayğı ilə yanaşmalıyıq. Biz cəmiyyətdə balansı cəza sisteminin humanistləşdirilməsi adı altında tam dəyişə bilmərik.
Parlamentdə bu fikir də gündəmə gətirilmişdi ki, sovet dövründə tikilmiş əksər həbsxanalar vətəndaşı cinayətdən islah eləmirdi, əslində onu da cinayətə yoluxdururdu və o şəxs əksər hallarda məhbus ömründən sonra daha artıq dərəcədə cinayətkar şəxsə çevrilmiş olurdu.
Yeri gəlmişkən deyim ki, burada müxalifət nümayəndələrinin də çıxışı yerində oldu. Mən bir də vurğulamaq istəyirəm ki, bəlkə bütün siyasi qüvvələr arasında konsensus tələb eləyən qanunlardan biri də budur. Çox müsbət haldır ki, Pənah Hüseyn və digərləri bununla bağlı, əslində, müsbət fikir söylədilər.
Cənab Sədr, mən demək istəmirəm ki, bu qanun layihəsi o qədər liberaldır ki, adam az qalır onu götürüb getsin həbsxanaya. Amma hər halda cəmiyyətin həyatının normal qaydada qurulmasına kömək eləyən, beynəlxalq hüquq praktikasının ən mütərəqqi dəyərlərini özündə daşıyan bir sənəddir və mən ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də deputat həmkarlarım kimi, bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Bir neçə məsələyə münasibətimi bildirmək istəyirəm. Burada bizim deputat həmkarlarımız çıxış elədilər, - bir çoxlarının bu sahədə praktiki cəhətdən təcrübəsi var, - qanun layihəsi ilə bağlı iradlarını, təkliflərini bildirdilər.
Mən də bir neçə təklifimi bildirmək istəyirəm. Birinci növbədə, onu deyim ki, bu qanun layihəsinə görə, təcridxanalarda saxlanılan insanların hüquqlarının fərdlərlə yox, qanunla qorunması əsas götürülür. Məsələn, indiyə qədər hər hansı bir görüşün alınması əgər ayrı-ayrı fərdlərin, yaxud ayrı-ayrı struktur rəhbərlərinin ixtiyarındadırsa, gələcəkdə bu, yalnız qanunla tənzimlənəcək və həbsdə olan şəxs də, onun ailəsi də biləcək ki, nə vaxt nəyi necə etmək lazımdır.
İkinci bir tərəfdən mən hesab edirəm ki, bu qanunun predmeti olmasa da, gələcəkdə biz bir məsələyə də baxmalıyıq. Bu gün, cənab Sədr, hüquq-mühafizə orqanları ilə yanaşı, təxminən 10 nazirliyin tərkibində istintaq idarəsi var. Az qalır Təhsil Nazirliyi də tərkibində istintaq idarəsi yaratsın. Yəni bu gün istintaqın aparılmasının hansı struktura verilməsi mübahisəli məsələdir. Çünki ilkin ibtidai istintaq əsas baza hesab edilir. Bu istintaq hansı formada aparılmalıdır, onu kim aparmalıdır, mütəxəssislər varmı? Mən hesab edirəm, buna baxmalıyıq. Saxlama yerlərinin özünün də müəyyənləşməsində mühüm elementlər olmalıdır. Burada deputat həmkarlarımın da qeyd elədiyi kimi, məsələn, bir nəfərin şəxsiyyətini araşdırmaq üçün əgər bir sutka, ya iki sutka saxlanılırsa, onu aparıb Bayıl təcridxanasına salmaq olmaz ki? Ona görə də mən hesab edirəm, ayrı-ayrı təcridxanaların müvəqqəti saxlama kameralarının olması zəruridir. Bunu ümumiləşdirib hamısını Ədliyyə Nazirliyinin tərkibinə vermək, hesab edirəm ki, düzgün deyil. Düzdür, bu gün həbsxanalar Ədliyyə Nazirliyinin tabeliyindədir. Amma ayrıca müəyyən saxlama kameraları da olmalıdır. Kimin harada necə saxlanması cinayətin xarakterindən asılıdır. Elə cinayətlər var ki, bilavasitə milli təhlükəsizlik nazirinin səlahiyyətinə daxil olan məsələdir. Bunu hər hansı bir toyuq oğrusu ilə bir yerdə saxlamaq mümkün deyil, çünki dövlət əleyhinə törədilən cinayətlər başqa cinayətlərlə bir tutula bilməz. Bunların xarakterinə uyğun olaraq da müəyyən saxlama müddətləri olmalıdır.
Ümumilikdə götürəndə, hesab edirəm ki, qanunda təcridxanalarda saxlanılan şəxslərin təhsili və tərbiyəsi ilə bağlı mühüm elementlər var. Mən hesab edirəm, gələcəkdə bunu daha genişləndirmək lazımdır. Təsəvvür eləyin, həbsxanaya düşən şəxs ikinci dəfə ora can atır. Adını qoymuşuq ki, burada tərbiyələnir, cəmiyyət üçün müəyyən dərəcədə yararlı insana çevrilir və cəmiyyətə qayıdır. Amma əksinə, statistika göstərir ki, həbsxanaya düşən şəxslərin 70 faizi yenidən ora qayıdır. Səbəb orada yaradılmış mühitdirmi, orada verilən tərbiyədirmi, nədir, mən bunu başa düşə bilmirəm. Mən hesab edirəm ki, bunun da axtarıb əsas motivlərini tapmalıyıq ki, nədən ibarətdir. Məsələn, Amerikada bir insanı tərbiyə etmək üçün 3 üsuldan istifadə edirlər. Birinci, ona yaxşı təhsil verirlər. Görürlər tərbiyələnmirsə, iş verirlər, üçüncü halda onun haqqında qəti imkan tədbiri seçirlər. Bizdə də tərbiyələndirmə metodundan istifadə etmək lazımdır. İkinci bir tərəfdən bu gün tutaq ki, hər hansı bir şəxs cinayət məsuliyyətinə cəlb olunursa, həbs olunursa, bunun istintaqı 9 ay çəkirsə, onun bu 9 ay müddətində təcridxanada saxlanması dövlətin büdcəsindən maliyyələşir və dövlət büdcəsindən bunun saxlanılması üçün xərclər sərf olunur. Amma keçmişdə başqa cür idi. Bu adam işləyirdi, gəlirindən bir hissəsi onun saxlanılmasına tutulur, digər hissəsi isə ailəsinə, yaxud həbsdən azad olunduqdan sonra özünə ödənilirdi. Bu gün belə çıxır ki, bütün həbsxanalarda, o cümlədən müvəqqəti saxlama və daimi saxlama yerlərində heç bir insan ictimai-faydalı əməklə məşğul olmur. Mən hesab edirəm ki, bunun özü də ciddi yanaşma tələb edən məsələdir.
Bir məsələ də bu insanların təhsili ilə bağlıdır. Dünya təcrübəsi göstərir ki, bunlar təhsil ala bilər və təhsil almalıdır. Bizdə də qanunda bu nəzərdə tutulub. Hesab edirəm ki, qanun layihəsi maddə-maddə müzakirə olunanda bu məsələyə daha geniş şəkildə toxunacağıq.
Burada belə bir fikir də səsləndi ki, girov qoymaq yolu ilə insanlar həbsdən azad edilsin, hər hansı bir əmlak, yaxud başqa bir şey girov qoymaqla azadlıqda gəzsin. Girov qoyub dövlətdən kredit götürürlər və krediti də aparıb maşın alırlar, başqa şeylərə xərcləyirlər, sonra da dövlət tələb eləyəndə bir qışqırıq salırlar ki, gəl-görəsən. Belə insanı girov qoyub cinayət məsuliyyətindən azad eləsən, gör hansı işlərdən çıxacaq. Ona görə hesab edirəm ki, cəmiyyət o həddə çatdıqdan sonra bu addımları ata bilərik.
Ümumilikdə baxanda qanun çox aktualdır, vacibdir, insan hüquq və azadlıqlarının qorunması üçün vacib olan sənədlərdən biridir və biz bunu qəbul eləməliyik.
Bir fikri də xüsusi qeyd etmək istəyirəm. Ona burada mənim həmkarlarım da toxundu. Bu gün siyasi məhbus anlayışı tamam ticarət sövdələşməsinə çevrilib. İndiyə qədər mən şahidi olmamışam ki, bir müəllimin ehtiyatsızlıq üzündən törətdiyi cinayətə görə hansısa hüquq müdafiə təşkilatı onun hüquqlarını müdafiə eləsin, yaxud bir imkansız şəxsin ehtiyac üzündən hər hansı bir oğurluğuna görə hüquqların müdafiə eləsin, bu adamların siyahısını dərc eləsin, qapıları döysün ki, xahiş edirik, bunun 3 uşağı qalıb evdə, onları dolandırmaq lazımdır. Hansı nazir, hansı vəzifəli şəxs, hansı biznesmen həbsxanaya düşürsə, o dəqiqə onu müdafiə eləməyə tökülüşürlər. Hətta aralarında dava düşür, saçyolma gedir, o deyir, mən müdafiə edəcəyəm, bu deyir, mən edəcəyəm. Bu saat Azərbaycanda korrupsiya ilə məşğul olan şəxslərin həbs olunduqdan sonra hüquqlarının müdafiəsi üçün sıraya düzülüblər. Dəstələr yaranıb - vəkillər dəstəsi, hüquq müdafiə təşkilatlarının dəstəsi. Lakin imkansız müəllimin hüquqlarını müdafiə eləyən bir şəxs tapılmır. Hesab edirəm ki, bunu da qanunla elə tənzimləməliyik ki, bu cür insanların hansı əqidəyə malik olması ictimaiyyətə də bəlli olsun.
Biz dəfələrlə çıxışlarımızda qeyd eləyirik ki, bu gün Avropa Şurasına saxta sənədlər göndərilir, ictimaiyyətə yalan məlumat verilir, saxta şəkildə siyasi məhbus adlandırılan hər bir şəxsin ailəsindən nə qədər vəsait alınır və sair. Hesab edirəm ki, bu məsələlərin də qarşısını almaq üçün gələcəkdə müvafiq qanun layihələri hazırlamalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən bu qanun layihəsinin müzakirəsi ilə əlaqədar çıxış eləyən deputatlara bayaqdan diqqətlə fikir verirəm. Onların əksəriyyəti hüquqşünasdır, bu qanunun ayrı-ayrı maddələrini çox uyğun və mükəmməl şəkildə şərh edirlər. İlk olaraq bildirmək istərdim ki, Şübhəli və təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi ideologiyasına görə aktualdır.
İnsan haqlarına hörmət ruhunda hazırlanan qanun layihəsi haqqında danışmaqdan əvvəl, onun adı ilə bağlı bir-iki söz demək istərdim. Bu barədə məndən qabaq çıxış edən hüquqşünaslar da fikirlərini bildirdilər. “Həbsdə saxlama yerlərində saxlanılması” ifadəsini daha yaxşı olardı ki, “təcridxanalarda saxlanılması” kimi yazaq. Bu həm mənalı, daha geniş ifadə edir, həm də ədəbi dilin normalarına uyğun olur. “Həbsdə saxlama yeri” hansısa məkanı ehtiva edir və sözsüz ki, həmin məkan şübhəli, təqsirləndirilən, məhkum olunan, tutulan və başqa adamları təcrid üçündür. Həmin istintaq təcridxanası sonradan müvafiq təyinata uyğun olaraq “hauptvaxt” və yaxud “karser” adlandırıla bilər. Burada o təklif oldu, amma mən bir dilçi kimi dəqiqləşdirirəm. Ad bir az qısa, aydın və mənalı olmalıdır. “Şübhəli və ya təqsirləndirilən şəxslərin həbsdə saxlama yerlərində saxlanılması haqqında” – bu, şerə oxşayır. Ona görə də təklif edirəm ki, bunun adı konkret olaraq belə yazılsın: “Şübhəli və ya təqsirləndirilən şəxslərin təcridxanalarda saxlanılması haqqında”, yaxud “Şübhəli və ya təqsirləndirilən şəxslərin istintaq təcridxanalarında saxlanılması haqqında”.
Qanun layihəsinin üçüncü fəslinin 33-cü maddəsi belə adlanır: “Həbsdə saxlama yerinin müdiriyyətinin vəzifələri”. Mən təcridxanalarda şübhəli və təqsirləndirilən adamların heç də hamısının öz hüquq və vəzifələrini yaxşı bilmədiklərini nəzərə alaraq təklif edərdim ki, həmin maddəyə təklif etdiyim şəkildə bir bənd əlavə olunsun. Bu həmin sahənin rəisləri üçün nəzərdə tutulmuş vəzifəyə aiddir: “Şübhəli və ya təqsirləndirilən şəxsin hüquq və vəzifələrini əks etdirən hüquqi sənədlərlə onları tanış etmək”. Sirr deyil ki, şübhəli və ya təqsirləndirilən, məhkum olunan adamların öz hüquq və vəzifələrini bilməmələri daha çox neqativ hallar üçün şərait yaradır. Əslində, islah olmalı adamların nəzərə çarpan hissəsi daha çox kriminallaşır ki, bu da ümumilikdə cəmiyyətimiz üçün təhlükəlidir.
Mən burada onu da qeyd eləyim ki, qanunun adı ilə bağlı bayaq təklif etdiyim ifadəni bu qanunda müəlliflərin elə özləri sinonim olaraq işlədiblər. Əsas anlayışlarda müvəqqəti saxlama yerləri istintaq təcridxanaları kimi izah olunub. Yəni bunu özləri də deyiblər, ancaq əməl eləməyiblər.
Ümumiyyətlə, mən bu qanun layihəsinin beynəlxalq hüquq qaydalarına tam uyğunluğunu nəzərə alaraq, qəbul edilməsini təklif edirəm. Sağ olun.
Sədrlik edən. Əli müəllim, əlavə eləmək istəyirsiniz?
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən, sadəcə, bütün millət vəkillərinə təşəkkür eləmək istəyirəm. Hüquqşünas olanlar da, olmayanlar da peşəkar münasibət bildirdilər. Bəri başdan deyirəm ki, bu təkliflərin böyük əksəriyyəti nəzərə alınacaq.
Mən arada imkan tapıb işçi qrupunun üzvləri ilə də söhbət etdim. Cənab Sədr, qarşımızda duran çox ciddi iş var. Birincisi, millət vəkillərinin səsləndirdiyi fikirləri öyrənib tətbiq eləmək. İkincisi, - mən özüm belə qənaətə gəlmişəm, - mütləq qanun layihəsinin bu sahəyə cavabdeh dövlət orqanlarının nümayəndələri və bu sahədə ixtisaslaşmış ictimaiyyət nümayəndələri ilə birgə müzakirələrini keçirmək. Üçüncüsü, qanun layihəsini beynəlxalq konvensiyalara, xüsusən də Avropa Konvensiyasına uyğunluğu baxımından ekspertizadan keçirmək. Elə bilirəm ki, bu üç vəzifəni yerinə yetirsək, gələn oxunuşa mükəmməl bir qanun layihəsi təqdim edəcəyik.
Ən başlıcası bu sahənin qanunla tənzimlənməsidir. Bu bütün millət vəkillərinin çıxışında xüsusi vurğulandı. Yəni hər kəs hüquq və vəzifələrini bilməlidir, şübhəli şəxslər də o cümlədən. Təqsirsizlik prezumpsiyası qorunub saxlanmalıdır. Ona görə də mən razılığımı bildirirəm. Hamının fikri ondan ibarətdir ki, bu qanun layihəsi zəruridir və səsə qoyulub qəbul edilə bilər. Çox sağ olun.
Sədrlik edən. Təklif olundu ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.50 dəq.)
Lehinə 103
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi.
Sağ olun, gələn görüşə qədər.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi