2006-ci il 25 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ
    
PROTOKOLU  №  16

Milli  Məclisin  iclas  salonu.
25  aprel  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Azərbaycan Respublikası Ali Məhkəməsinin
hakimliyinə namizədlər

Q.Əsgərov,
V.İbayev,
İ.Qılıcov,
Z.Quliyev.

* * *

E. Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
H. Əliyev, Azərbaycan Dövlət Tibb Universitetinin Dərman texnologiyası kafedrasının müdiri.
F. Quliyev, Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri.
P. Şəfiyeva, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya-Təchizat Mərkəzinin şöbə müdiri.
Ə. Abdullazadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi laboratoriyasının müdiri.
Ə. Babayev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası.

*  *  *

Ə. Vəliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
Ə. Lalayev, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri.
D. İbrahimova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri.
A. Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri.
M. Fərzəlibəyov, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru.
M. Ələkbərzadə, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru.
A. Pənahova, Bakı Bələdiyyə Teatrının rəhbəri, xalq artisti.
İ. Kərimov, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun Teatr və kino şöbəsinin müdiri, teatrşünas, akademik.
İ. Rəhimli, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, teatrşünas.
R. Sadıxov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru.
Ş. Nəsirov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hüquqşünası.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında.
2. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
3. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

25  aprel  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 92
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, cənab Prezident tərəfindən Ali Məhkəməyə hakimlərin təyin edilməsi haqqında məktub gəlib. Təklif edərdim ki, bu məsələni gündəliyə daxil edək. Xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun. Bununla, bu gün gündəlikdə 3 məsələ olacaq. Etiraz etmirsinizsə, gündəliyə keçək. Buyurun, İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə bir məsələ ilə bağlı təşəkkürümü bildirmək istərdim. Keçən dəfə burada mən iki məsələ qaldırmışdım. Bu məsələlər həm Qarabağla, həm də dizel yanacağının kənd təsərrüfatında çalışan işçilərə və iş adamlarına güzəştli şərtlərlə verilməsi ilə bağlı idi. Mən Milli Məclisin təcrübəsində ilk dəfə idi görürdüm ki, qaldırdığım məsələyə xarici işlər nazirinin münasibəti Milli Məclis əməkdaşları tərəfindən mənə çatdırıldı. Mən çox xahiş edərdim ki, dizel yanacağı ilə bağlı məsələ üzərində düşünülsün. Dizel yanacağının güzəştli şərtlərlə verilməsi üzərində, xahiş edirəm, aparat işçiləri sona qədər dayansınlar və bunu həll etsinlər.
İki məsələni diqqətinizə çatdırmaq istərdim. Bir dəfə də bu məsələni qaldırmışdım. Mən çox istərdim ki, Milli Məclis 28 Mayda geniş amnistiya aktının müzakirəyə çıxarılması ilə bağlı bir layihə işləsin. İnsan hüquqları daimi komissiyasına lazım olsa, tövsiyə olunsun. Biz də bir işçi qrupu yaradıb geniş amnistiya tətbiq olunması ilə bağlı bir qanun layihəsi hazırlayardıq. İndiyə qədər bir neçə dəfə amnistiya verilib, amma bu amnistiyalar cəmiyyətin müxtəlif təbəqələrini tam şəkildə həbsdə olan, müvəqqəti saxlanılan və yaxud da kolon rejimində cəza çəkən insanların hamısına şamil olunmayıb. Bu gün ömürlük həbs cəzası alan 70 yaşdan yuxarı insanlar var. Onların hamısının əfv siyahısına düşməsi çətindir. Bu il Azərbaycanın müstəqilliyinin 15 illiyi qeyd olunacaq. 15 ilin əlamətdar bir tarix olduğunu da nəzərə alaraq, xahiş edərdim ki, 28 May amnistiya layihəsinin Milli Məclisin gündəliyinə çıxarılması ilə bağlı Milli Məclisin İnsan hüquqları daimi komissiyasında işçi qrupu yaradılsın və biz belə bir layihə hazırlayaq.
İndi qaldıracağım məsələ 1994-cü ildə rayonlarımız işğal olunan dövrdən işləməyən, amma qeydiyyatda olan qaçqın müəllimlərlə bağlıdır. Onların hamısının uzun müddət maaşları saxlanılıb. Amma 4 aydır ki, həmin işləməyən müəllimlərin heç birinin əmək haqları verilmir. Aidiyyəti orqanlara verdiyimiz sorğuların heç birinə də müsbət cavab verilmir və bunun səbəbi, nədənsə, izah olunmur. İndiyə qədər bu ənənə davam etdirilib, qaçqın müəllimlərin hamısına, işləməsələr belə, hesablanmış minimal maaşlar təqdim olunub. Mən çox istərdim ki, bununla da bağlı Milli Məclis Aparatına göstəriş verəsiniz, bizə sorğunun cavablarını versinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Mən də bir məsələyə diqqəti yönəltmək istəyirəm. Bizim Konstitusiyanın 95-ci maddəsinə görə Milli Məclis zəruri hesab etdiyi məsələlərlə bağlı qərarlar qəbul edə bilər. Bu zəruri məsələləri də burada millət vəkilləri qaldıra bilərlər. Əgər Milli Məclisdəki çoxluq hesab etsə ki, bu məsələlərlə bağlı qərar qəbul etmək lazımdır, müvafiq qərar qəbul edilir. Ona görə də biz bəzən burada gündəliklə bağlı müzakirələr zamanı təkliflər veririk, yaxud ayrı-ayrı problemlərlə bağlı məsələ qaldırırıq. Amma bunlar televiziyalarda lazımi səviyyədə işıqlandırılmır. Dövlət televiziyasında yalnız qanunların müzakirəsi ilə bağlı məlumatlar efirə verilir. Cari məsələlər barədə, ümumiyyətlə, hər hansı məlumat verilmir.
Özəl televiziyaların da öz maraqları var. Onlar kimi istəyirlər göstərirlər, kimi istəyirlər göstərmirlər. Beləliklə də, ictimaiyyət geniş məlumat əldə eləyə bilmir. Parlament seçkiləri ərəfəsində dövlət çevrilişinin başında duran şəxslərdən biri, bu gün korrupsiyada ittiham olunan Fərhad Əliyev Azərbaycan xalqına bəzi televiziyalar tərəfindən Azərbaycanın xilaskarı obrazında təqdim olunur. Ona görə də biz tövsiyə edirik ki, büdcədən maliyyələşən televiziyalar parlamentin fəaliyyətini normal işıqlandırsınlar. Bir həftə sonra dövlət televiziyasında, daha doğrusu, hörmətli Nizami müəllimin rəhbərlik etdiyi televiziyada Milli Məclis haqqında məlumat verilir. İnformasiyanın verilməsində hətta bəzən dəqiqələrin önəmi var. Bir həftədən sonra bu məlumatlar kimin nəyinə lazımdır? Artıq hər şey yaddan çıxıb. Kimdir oturub bir həftədən sonra parlament müzakirələrini dinləyən? Əslində, televiziya da həmin vaxtı itirir və parlamentin, deputatların fəaliyyəti haqqında da ictimaiyyətə normal məlumat verilmir. Mən vaxtı ilə də bu məsələni qaldırmışdım, ya parlament televiziyası yaradılmalı, ya da büdcədən maliyyələşən televiziyalar qarşısında belə bir məsələ qoyulmalıdır.
Başqa bir məsələni də diqqətə çatdırmaq istəyirəm. Dünən Amerika Birləşmiş Ştatlarında, Avropanın bəzi ölkələrində yalançı erməni soyqırımı məsələsi ilə bağlı türklərin və azərbaycanlıların etiraz aksiyaları keçirilirdi. Bakı şəhərində də bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası belə bir etiraz aksiyası keçirdi. Oqtay müəllim, bütün televiziyalara, kütləvi informasiya vasitələrinə müraciət etdik ki, bunu işıqlandırın. Türk qardaşlarımız da görsünlər ki, Azərbaycanda da bir 5-10 nəfər bu aksiyaya qoşuldu, öz etirazını bildirdi. Biri də gəlib çəkmədi, iştirak etmədi. Mən bunları ona görə xatırlatmaq istəyirəm ki, çox təəssüf, korporativ maraqlar hər şeydən üstün olur. Ona görə də belə məsələlərə lazımi diqqət yetirilmir və biz də sizinlə bütün məsələlərdə o zaman vahid mövqedən çıxış...
Sədrlik edən. Sağ olun. Vaxt bitdi. Qüdrət müəllim, mən dediklərinizi çox düzgün anlayıram. Milli Məclis bu sahədə iş görür. İnşallah, kanal da, televiziya da olar. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Oqtay müəllim, icazə verin, birinci, Sizin bir fəaliyyətinizi mən təqdirlə qarşıladığımı qeyd eləyim və bir tənqidi də diqqətinizə çatdırım. Birinci ondan ibarətdir ki, o gün Milli Məclisin əməkdaşları bizə burada səslənən təkliflərlə bağlı görülən tədbirləri dedilər. Həmin məsələlərə həssaslıqla yanaşılmasını çox təqdirlə qarşılayaq. Yəni burada bizim boşuna danışmadığımız, ölkənin daha aktual problemləri ilə bağlı dediyimiz fikirlərə Milli Məclis rəhbərliyi tərəfindən əhəmiyyət verilməsi və belə bir yeni ənənənin qoyulması müsbət haldır və bunun davam etdirilməsi hamımız üçün arzu olunandır.
Tənqidi məqam ondan ibarətdir ki, bu 30 dəqiqəni qısqanclıqla qarşılamaq lazım deyil. Yəni parlament təkcə qanunverici orqan deyil. Parlament bəyanatlar verə bilər. Bizim belə hüququmuz var. Deputatların bəyanatlar vermək, xəbərlər çatdırmaq, elanlar vermək hüquqları var. 30 dəqiqə ilə heç bir şey olmaz. Həm də parlamentin ölkə həyatındakı məsələlərə münasibətini əks etdirmək, parlamentin nüfuzu baxımından bu 30 dəqiqənin sistematik olaraq həftədə bir dəfə saxlanılması vacibdir. Hər deputata 3 dəqiqə verilməklə 10 nəfərin danışması ilə dünya dağılmaz. Burada Siz daha dəqiq, sistemli vaxt müəyyən etməlisiniz ki, hər dəfə biz bu məsələlərə münasibət bildirək.
Konkret məsələ ilə bağlı nəyi demək istəyirəm? Avropa Parlamentində Naxçıvandakı guya erməni qəbirlərinin dağıdılması ilə bağlı məsələ qaldırıldı. Dağlıq Qarabağ nümayəndəliyi ABŞ Ədliyyə Nazirliyi tərəfindən qeydə alındı. Biz adekvat addımlar barədə artıq düşünməliyik. Təkliflər var. Təkliflər ondan ibarətdir ki, Ermənistandan qovulmuş azərbaycanlıların muxtar respublikası formasında bir qurumun yaradılması bizim üçün olduqca vacibdir. Əgər ABŞ bizim müttəfiqimizdirsə, biz bunun yaradılması istiqamətində müzakirələr aparıb konkret işlər görə və sabah ABŞ qarşısında məsələ qaldıra bilərik ki, Qarabağ ermənilərinin təşkilatını qeyri-hökumət təşkilatı kimi qeydə ala bilirsinizsə, azərbaycanlıların da yaratdıqları eyni muxtar qurumu qeydiyyatdan keçirməyi öz borcunuz hesab etməlisiniz. Biz müttəfiqlik səmimiyyətini yoxlamaq üçün bu addımı atmalıyıq.
Bir təşəbbüs də var. Bu məsələ mətbuatda da qaldırılır, cəmiyyətdə də. Biz gündə bir rayonun itirilməsi ilə bağlı əklil qoyuruq, tədbirlərə gedirik. 8 mayın - Şuşanın itirilməsi gününün simvolik olaraq Azərbaycan ərazilərinin işğalı, itirilməsi günü kimi qeyd edilməsi məsələsi müzakirə oluna bilər. Hər halda mən bu təkliflə çıxış eləyirəm. Bunu qaldırmaq olar. Gələcəkdə bu, ərazilərin, itirdiklərimizin yada salınması üçün aktual bir addım ola bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Sizin axırıncı təkliflə, demək istəyirəm ki, razı deyiləm. Əgər biz müəyyən bir günü əraziləri itirdiyimiz gün kimi qeyd etsək, biz bu itkilərlə razılaşmış oluruq. Biz ərazilərimizi itirmişiksə, nəyi qaytaracağıq? Belə bir günün təyin edilməsini mən məqsədəuyğun hesab etmirəm. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Milli Məclis üzvləri, bizim regionun daxil olduğu geosiyasi sahədə baş verən dəyişikliklərin Azərbaycan cəmiyyətində, o cümlədən seçicilərimizin arasında hansı narahatlığa və ciddi həyəcana səbəb olması hamımıza məlumdur. Söhbət İranın nüvə silahı əldə etməsi ilə bağlı səslənən söhbətlərdən və bunun ətrafında baş verən hadisələrdən gedir. Azərbaycanda elə bir şəxs yoxdur ki, bu vəziyyətdə yaranacaq siyasi situasiya üçün Azərbaycanın xüsusən mənafeləri baxımından, bir daha təkrar eləyirəm, narahat olmasın. Bununla əlaqədar bu regionun önəmli dövlətlərindən, ölkələrindən biri olan Azərbaycanın və onun qanunverici orqanının - Milli Məclisin həmin məsələni ciddi şəkildə müzakirə etməsi, ayrıca dinləmələr keçirməsi və millət vəkillərinin, Milli Məclisin mövqeyinin bilinməsi çox böyük əhəmiyyətə malik olardı.
Nəzərə alaraq ki, dövlət başçısının bu günlərdə Amerika Birləşmiş Ştatlarına səfəri olacaq, mən öz adımdan və seçicilərim adından bildirirəm, Azərbaycan cəmiyyətinin mühüm bir hissəsi regionda müharibə vəziyyətinin, eyni zamanda, İranın nüvə silahı əldə etməsinin əleyhinədir. Azərbaycanın heç bir halda antiiran koalisiyasının üzvü olmasına yol vermək olmaz. Bu məsələdə Azərbaycan ictimaiyyətinin də, Azərbaycan vətəndaşlarının rəyi də nəzərə alınmalıdır.
Qarabağ məsələsi ilə bağlı. Regionda baş verən hadisələr Qarabağ ətrafındakı vəziyyətdə müəyyən dəyişikliklərə səbəb ola bilər. Son dövrdə Azərbaycan gənclərinin zabitimiz Ramil Səfərov haqqında çıxarılmış hökmə olan münasibətini mən məhz Qarabağ məsələsi ilə bağlı Azərbaycan ictimaiyyətinin, Azərbaycan gəncliyinin mövqeyinin ifadəsi kimi baxıram. Hesab edirəm, Azərbaycan dövlətinin səlahiyyətli şəxsləri Azərbaycan vətəndaşlarının öz torpaqları uğrunda ən qəti şəkildə mübarizəyə hazır olmalarını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdırlar. Azərbaycan dövləti də öz vətəndaşının, zabitinin haqqındakı hökmün yumşaldılması üçün beynəlxalq hüquq çərçivəsində bütün vasitələrdən, o cümlədən siyasi təsir vasitələrindən istifadə eləməlidir.
Çox vacib olan cəhət Azərbaycan cəmiyyətinin bu barədə yekdil milli mövqeyinin formalaşdırılmasıdır. Bununla əlaqədar mən Azərbaycan müxalifətinin, qeyri-hökumət təşkilatlarının, Azərbaycan iqtidarının, Azərbaycan iqtidarına daxil olan siyasi qüvvələrin dediyim məsələlər ətrafında geniş müşavirəsinin və yaxud hansısa başqa bir hüquqi formada tədbirin keçirilməsini təklif edirəm. Bununla bağlı YAP yetkilisi Əli Əhmədovun “Azərbaycanda müxalifət yoxdur” bəyanatını isə...
Sədrlik edən. Sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Hörmətli Sədr, hörmətli millət vəkilləri, dəvətlilər və Milli Məclisin işini işıqlandıran mətbuat nümayəndələri, kütləvi informasiya orqanlarının Milli Məclisdə təmsilçiləri! Bu gün bizə müzakirə etmək üçün çox vacib qanunlar paylanıbdır. Xüsusi ilə Azərbaycan Respublikası Ali Məhkəmə hakimlərinin təyin edilməsi ilə bağlı bugünkü iclasımızda ciddi bir müzakirə gedəcək. Bugünkü təyinat zamanı məhkəmə orqanlarında olan müəyyən məsələlər xatırlanacaq. Bununla bərabər mən son günlərdə olan bəzi məsələlər barədə də fikir mübadiləsi aparmağı zəruri hesab edirəm.
Birincisi ondan ibarətdir ki, hörmətli millət vəkilləri, məlum olduğu kimi, dünən ermənilər tək Ermənistanda deyil, bütün dünyada uydurma soyqırımı şousu yaratdılar və beynəlxalq aləmdə bir sıra kütləvi informasiya vasitələrinin, siyasi dairələrin diqqətini bu uydurma soyqırımı kampaniyasına cəlb edə bildilər. Bütövlükdə bu məsələlərin son vaxtlarda belə kütləvi şəkildə qabardılmasında məqsəd Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı məsələləri unutdurmaq və dünyada Türkiyə, Azərbaycan haqqında mənfi rəy yaratmaqdan ibarətdir.
Oqtay müəllim, məlum olduğu kimi, azərbaycanlılar Ermənistandan 1980-ci illərin sonunda kütləvi şəkildə qovulublar. Azərbaycanın öz köçkünləri olubdur. Azərbaycan Respublikasında vahid bir orqan yoxdur ki, bu məsələləri toplasın və sistemli şəkildə öyrənsin, beynəlxalq təşkilatların qarşısında qoysun. Mən təklif edirəm ki, ya Milli Məclisin, yaxud Azərbaycan hakimiyyətinin digər orqanlarının nəzdində müəyyən bir komissiyamı, təşkilatmı yaradılsın və baş verən bu hadisələri sistemli şəkildə toplasın. Dünən biz tədbiri qeyd eləyəndə tanınmış tədqiqatçı Erik Fayde çox maraqlı bir fikir söylədi. Dedi, necə ki, 1915-1916-cı illərin hadisələrini bu gün sizə qarşı iddia kimi irəli sürürlər, 50-60 il keçəndən sonra Ermənistandan qovulanlar və Dağlıq Qarabağ ərazisindən didərgin düşənlər barədə də ermənilər bu formada uydurma iddialar irəli sürəcəklər. Ona görə də buna indidən hazır olmaq lazımdır.
Sədrlik edən. Sağ olun. Siz aktual məsələyə toxundunuz. Ancaq biz bu məsələdə bir balaca gecikmişik. Siz deyən məsələləri biz 1990-cı ildə həll etməli idik. Qaçqınlar, köçkünlər Ermənistandan qovulanda mühacirətdə dövlət, yaxud digər bir qurum yaratmaq olardı. Biz həmin vaxtı əldən vermişik. İndi Siz deyən məsələ üzərində hökumət işləyir. Bununla bağlı sənədləri işləyib hazırlamaq lazımdır ki, gələcəkdə həmin sənədlərlə işləyə bilək. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Oqtay müəllim, hörmətli Milli Məclis üzvləri, hörmətli qonaqlar! Diqqətinizi siyasi əhəmiyyətli, çox vacib bir məsələyə cəlb etmək istəyirəm. Müxalifət partiyalarının rəhbərliyində təmsil olunmuş elm adamları universitetlərə və başqa elm ocaqlarına yaxın buraxılmırlar, onların haqları pozulur. Onların burada işləməsinə yasaq qoyulub. Məsələn, filologiya elmləri doktoru, professor Kamil Vəli Nərimanoğlu Bakı Dövlət Universitetindən çıxarılıb və bir daha orada və ya başqa bir universitetdə işləməsinə icazə verilmir. Halbuki Kamil müəllim 30 kitab, 500-dən artıq məqalənin müəllifidir, Türk Dili Qurumunun, Atatürk Kültür Mərkəzinin fəxri üzvü, Səlcuq Universitetinin fəxri doktorudur. Türkiyə Cümhuriyyətinin şərəf və ləyaqət ordeninə layiq görülüb. Dədə Qorqud Ensiklopediyasının baş redaktoru olub. Belə bir mütəxəssisin universitetə yaxın buraxılmaması, düşünmürəm ki, Bakı Dövlət Universitetinin xeyrinədir.
Ya da Müsavat Partiyasından Qabil Hüseynlini götürək. Fəlsəfə elmləri doktoru, professor Qabil Hüseynli xeyli vaxt kafedra müdiri də işləyib, hazırda universitetlərin hər birində dərs deməsinə qadağa qoyulub. AXCP-dən olan elmlər doktoru Nurəddin Məmmədli və Xaləddin İbrahimlini də universitetlərə yaxın qoymurlar. Xaləddin İbrahimliyə hətta Türkiyə liseylərinin birində, yəni orta məktəbdə dərs deməyə belə müxalifətçi olduğundan rəva görmədilər. Dedilər: müxalifətçisən, olmaz. Uzun müddət Gəncə Dövlət Universitetinin fizika kafedrasına başçılıq etmiş Cahangir Əmirov 2003-cü ilin aprelində qeyri-qanuni olaraq universitetdən çıxarılıb, bu günədək rektor Mübariz Yusifov onu işinə bərpa etmir.
Bu qadağalar kimdəsə şübhə oyada bilər. Başıma gəlməsə idi, bəlkə mən də şübhə ilə yanaşardım. 2003-cü il sentyabrın sonunda dövlət, özəl universitetlərdə, hətta sovet dövründə 14 il işlədiyim Elmlər Akademiyasında iş verməkdən imtina etdilər. Hər dəfə üzrxahlıq edib dedilər ki, yuxarıların göstərişidir. Göstərişin isə kimin tərəfindən verildiyi də bəlli deyil. Bəziləri deyirlər ki, bu, təhsil naziri Misir Mərdanovdur. Digərləri deyirlər ki, Prezident Aparatının şöbə müdirləri Fatma Abdullazadə, ya da Əli Həsənovdur. Gətirdiyim nümunələr uzun bir siyahının yalnız bir hissəsidir. Siyasi əqidəsinə görə universitetdə dərs deməyə və ya elm ocaqlarında işləməyə qadağa qoymaq ən adi insan hüquqlarının kobud və açıq-aşkar pozulmasıdır. Bu hal davam edərsə, güman ki, Avropa Şurası Parlament Assambleyasının növbəti tövsiyəsi məhz müxalifətçilərə qarşı belə ayrı-seçkiliyin pislənilməsi olacaq. Oqtay müəllim, Sizdən və Rəbiyyət xanımdan xahiş edirəm, bu məsələyə aydınlıq gətirəsiniz və problemin aradan qaldırılmasında yardım göstərəsiniz. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib müəllim, Siz 5-6 adamın adını çəkdiniz. Amma mən yüzlərlə adam tanıyıram ki, müxalifətçidir, universitetlərdə, institutlarda dərs deyirlər. Bu məsələləri bir az dəqiqləşdirmək lazımdır. Dediklərinizə baxarıq. Bəlkə onların işdən çıxmaqlarının başqa bir səbəbi var? Sizin sözünüzdən belə çıxır ki, ali təhsil ocaqlarında müxalifətdən bir adam işləmir. Mən bununla tamamilə razı deyiləm. Araşdırarıq, 5 nəfər işləmirsə, yəqin, bir səbəbi olub. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən seçki komissiyalarının formalaşdırılması ilə əlaqədar müşahidə etdiyim faktlar haqqında danışmaq istəyirəm. Nəzərinizə çatdırım ki, indi bütün ölkə üzrə dairə və məntəqə seçki komissiyalarının formalaşdırılması prosesi gedir. Heç kimə sirr deyil ki, həm dairə seçki komissiyalarına, həm də məntəqə seçki komissiyalarına bitərəf adı altında iqtidar nümayəndələri yerləşdirilir. Yəni heç kimin xəbəri olmadan, tam sərbəst, ictimaiyyətdən bir növ gizli şəkildə məntəqə seçki komissiyaları formalaşdırılır, komissiyalar bütünlükdə iqtidar partiyalarının nəzarətinə keçirilir. Mən müxalifətin seçki komissiyalarının tərkibinin formalaşdırılmasından kənarda saxlanmasını tamamilə yolverilməz hesab edirəm. Bu vəziyyəti seçkilərin azad və ədalətli keçiriləcəyi barədə beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərə xələl gətirəcək və ölkəmizin imicinə növbəti dəfə zərbə vura biləcək bir hal kimi qiymətləndirirəm.
Artıq bu bir faktdır ki, siyasi baxımdan neytral olan şəxslərin çətin tapıldığı bir ölkə kimi Azərbaycanda seçki administrasiyasının bu formada təşkili həm siyasi yarış iştirakçılarının, həm də ictimaiyyətin seçilən komissiya üzvlərinə, həmçinin onların seçilməsi prosesinə inamı tam sarsılmışdır. Seçkiyə və siyasi prosesə ictimai inam yaratmaq və onu inkişaf etdirmək üçün məlumdur ki, beynəlxalq birlik və demokratik qüvvələr, o cümlədən təmsil etdiyim Müsavat Partiyası bütün səviyyəli seçki komissiyalarının tərkibinin paritet əsasda formalaşdırılmasını təklif etmişdir. Yalnız belə olan halda yarışan qüvvələr bir-birini balanslaşdıraraq səslərin sayılmasının ədalətliliyini təmin edə bilər.
Azərbaycan parlamenti isə nəinki siyasi cəhətdən balanslaşdırılmış komissiyaları yaratmadı, hətta təmsilçilik səviyyəsinə görə parlamentdə ikinci yerdə olan Müsavat Partiyasının təmsil olunmadığı komissiyalarla təkrar seçkilərə getmək haqqında qərar qəbul etdi. Məlum olduğu kimi, xeyli sayda müxalifət nümayəndəsi təkrar seçkilərdə iştirak edir. Belə olan halda müxalifətin seçki administrasiyasında təmsil olunmaması bu seçkilərin də elə indidən qeyri-demokratik keçiriləcəyindən xəbər verir. Kim zəmanət verə bilər ki, seçki komissiyası müxalifətsiz azad, ədalətli seçki keçirəcəkdir. Onu da qeyd edim ki, təkrar seçki kampaniyası ilə əlaqədar yerlərdən gələn məlumatlar var. Məsələn, Zaqatalada icra hakimiyyətinin seçkilərə qeyri-qanuni müdaxiləsi və namizədliyi ləğv edilmiş şəxsin yenidən qeydiyyata alınması və digər faktlar seçkilərin azad və ədalətli olacağını şübhə altına almaqla deyilənləri bir daha təsdiq edir. Hörmətli deputatlar, Mərkəzi Seçki Komissiyasının, həmçinin digər seçki komissiyalarının indiki şəkildə təşkil edilməsini Seçki Məcəlləsinin 24.30.3 və 36.2-ci maddələrinin pozulması kimi qiymətləndirirəm. Fikrimcə, təkrar seçkilərə qədər bu qanun pozuntusu aradan qaldırılmalı, MSK-nın, eyni zamanda, aşağı seçki komissiyalarının tam şəkildə formalaşdırılması təmin edilməlidir. Əks halda təkrar seçkilərin saxtalaşdırılması bir fakt kimi ortada olacaqdır.
Sədrlik edən. İltizam müəllim, bu da Sizin subyektiv fikrinizdir. Sizin iştirakınızla bu məsələ burada araşdırıldı, səsə qoyuldu. Həmin məsələni biz hamının iştirakı ilə izah etmişik. Siz təzədən köhnə söhbətlərə qayıdırsınız. Bu sizin fikrinizdir ki, bitərəflər hamısı iqtidar nümayəndələridir. Faktla danışın, faktsız, elə belə hamı danışa bilər. Mərkəzi Seçki Komissiyasının formalaşdırılması məsələsini burada deputatlarla, müxalifətlə bir yerdə hamımız araşdırmışıq, səsə qoymuşuq. Özü də seçki komissiyalarının tərkibində müxalifət nümayəndələri də var. Xahiş edirəm, bu söhbətləri bir də təkrarlamayın. Eyni şeyi iki-üç dəfə demək düzgün deyil. Məlahət Həsənova.
M. Həsənova. Çox sağ olun, Oqtay müəllim. Oqtay müəllim, burada hamımızın yadındadır ki, üçüncü çağırış Milli Məclisin ilk iclasında Siz 5 il müddətində parlamentin əsas fəaliyyət istiqamətləri haqqında bizə çox gözəl məlumat verdiniz və söylədiniz ki, bu beş illikdə biz nəinki yeni qanunlar qəbul edəcəyik, həm də indiyə qədər qəbul olunmuş qanunlara yeni bir baxış keçirəcəyik, çünki cəmiyyət inkişaf edir. Azərbaycan beynəlxalq təşkilatların üzvü olur və yeni öhdəliklər qəbul edirik. Bu öhdəliklərin həyata keçirilməsi lazımdır. Cəmiyyətdə yeni tələbatlar meydana çıxır və bu tələbatlar qanunlarda öz əksini tapmalıdır. Doğrudan da bu belədir, artıq Azərbaycan çox böyük inkişaf yolu gedir.
Bu gün Azərbaycanda möhtərəm Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə bütün sahələrdə, eləcə də respublikamızın bütün bölgələrində iqtisadi inkişaf sahəsində sürətli, uğurlu nailiyyətlər əldə edilir və sürətli inkişaf gedir. Bu istiqamətdə görülən işlərdən, xüsusən sahibkarlığa dövlət qayğısı, sahibkarlığın inkişafı, yoxsulluğun azaldılması, ümumi daxili məhsulun çox böyük artımı respublikamızın əldə etdiyi uğurlardan biridir. Məhz həmin uğurların nəticəsidir ki, Azərbaycana bu gün xarici ölkələrdən çox sürətli axın var. Bir neçə illər bundan qabaq Azərbaycana Avropadan, yəni inkişaf etmiş ölkələrdən, Amerikadan müştərək kompaniyalarda, xarici şirkətlərdə işləməyə çoxlu xaricilər gəlirdilər. Bu gün Azərbaycana nəinki Avropadan, Amerikadan, hətta Afrikadan belə çoxlu əcnəbi vətəndaşlar işləməyə gəlirlər. Bu bizim hər birimizi sevindirir, çünki regionda liderlik edən ölkəmiz artıq dünyanın diqqət mərkəzinə çevrilir və xarici vətəndaşlar Azərbaycanda həyatlarını, talelərini tapır, işlə təmin olunur, iqtisadi problemlərini həll edirlər.
Amma mən bəzi məsələləri mütləq deməyi özümə borc bilirəm. Azərbaycana gələn xarici vətəndaşlardan danışanda İrandan, Amerikadan, Çeçenistandan, Əfqanıstandan olan vətəndaşları istisna etmirik. Allah eləməsin, əgər Amerika İranda hər hansı bir əməliyyat keçirərsə, Azərbaycana İrandan da böyük axın gələ bilər. Odur ki, heç olmasa, bu il payız sessiyasında emiqrantlar haqqında qanun qəbul olunmasını, eləcə də “Məşğulluq haqqında” Qanuna bəzi düzəlişlər edilməsini vacib sayıram. Bu gün çox təəssüf ki, xarici kompaniyalar Azərbaycanda kifayət qədər yerli kadrlar, mütəxəssislər olduğu halda, hətta adi fəhləni də xarici ölkələr...
Sədrlik edən. Aydın oldu. Məlahət xanım, təkliflərinizi yazılı şəkildə verərsiniz. Müzakirələr bitdi, xahiş edirəm, gündəliyə keçək. Gündəliyin birinci məsələsi Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqındadır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hamınıza məlumdur ki, iqtisadi uğurun vacib şərtlərindən biri də müstəqil və effektiv məhkəmə sistemidir. Müasir dövrdə həm vətəndaş cəmiyyətinin nümayəndələri, həm də yerli və regional investorlar məhkəmələrin effektiv fəaliyyətinə daha çox diqqət ayrılması marağındadırlar. Bütün bunların nəticəsində iqtisadi inkişaf prosesinin məsul tərəflərindən biri kimi də məhkəmə sistemi çıxış eləməyə başlayır. Məhz buna görə də təsadüfi deyildir ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən son dövrlər məhkəmə sisteminin möhkəmləndirilməsi istiqamətində mühüm addımlar atılmışdır ki, bunlardan da əsası “Məhkəmə sisteminin müasirləşdirilməsi haqqında” məlum 2006-cı il 19 yanvar tarixli fərmanda öz əksini tapmış tapşırıqlar və tövsiyələrdir. Bildirmək istəyirəm ki, Məhkəmə Hüquq Şurası fəaliyyət göstərdiyi dövr ərzində 37 hakim haqqında intizam icraatı başlanılmış və müvafiq qərarlar qəbul edilmişdir. Hal-hazırda test üsulu ilə seçilmiş hakimliyə namizədlər tədris mərhələsi keçirlər. Bu proses beynəlxalq təşkilatlar tərəfindən müsbət qiymətləndirilir.
Bir neçə gün bundan əvvəl, daha doğrusu, 2006-cı il 20 aprel tarixdə cənab Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin 4 kollegiyasının – cinayət işləri üzrə, mülki işlər üzrə, hərbi məhkəmələrin işləri üzrə və iqtisadi mübahisələrə dair kollegiya sədrləri təyin edilmişlər. Bu gün isə cənab Prezident tərəfindən sizin müzakirənizə Ali Məhkəmədə mövcud olan vakant hakim yerlərinə təyin olunmaqdan ötrü namizədlər təqdim edilmişdir. Bilirsiniz ki, Konstitusiyamıza və “Məhkəmələr və hakimlər haqqında” Qanuna uyğun olaraq Ali Məhkəmənin hakimləri cənab Prezidentin təqdimatı ilə Milli Məclis tərəfindən təyin edilirlər. Məlumat üçün bildirmək istəyirəm ki, Məhkəmə Hüquq Şurasının 7 aprel tarixli iclasında bu gün təqdim olunmuş şəxslərin namizədliyi geniş müzakirə edilmiş və onlar Ali Məhkəmənin hakimi vəzifəsinə təyin edilmək üçün layiq bilinmişlər.
Hörmətli millət vəkilləri, təqdirəlayiq haldır ki, namizədlər arasında ikinci çağırış parlamentin üzvü İlqar Qılıcov, birinci instansiya məhkəməsində fəaliyyət göstərərkən öz qərarlarından Avropa Məhkəməsinin presedent hüququnu tətbiq edən Vəfaddin İbayev kimi hüquq elmləri namizədləri, hüquqşünas alimlərimiz vardır. Digər namizədlər ağır cinayətlərə dair işlər üzrə Respublika Hərbi Məhkəməsinin hakimi Qürbət Əsgərov, 1 saylı yerli İqtisad Məhkəməsinin hakimi Zakir Quliyev də öz fəaliyyətləri dövründə peşəkarlıqları ilə seçilmişlər. Sizlərə namizədlər haqqında geniş təqdimatlar, arayışlar təqdim edildiyinə görə vaxtınızı almaq istəmirəm, amma onu qeyd etmək istərdim ki, namizədlərin hər biri hüquq sahəsində bir çox illər çalışmış, nəzəri və praktik təcrübəyə malik insanlardırlar.
Hörmətli millət vəkilləri, məhkəmə sisteminin müasirləşdirilməsinin və möhkəmləndirilməsinin indiki mərhələsində vətəndaşların narazılığına səbəb olan sui-istifadə, süründürməçilik hallarının və digər nöqsanların aradan qaldırılması ədalət mühakiməsinin effektivliyi və vətəndaşların məhkəmələrə inamının artırılması yeni seçiləcək və təyin olunacaq hakimlərin qarşısında duran mühüm vəzifələrdən biridir. Ədalət mühakiməsini Konstitusiyamıza və qanunlara müvafiq olaraq ədalətlə və qərəzsiz həyata keçirmək, yüksək hakim adına hörmət ruhunda davranmaq hər bir hakimin borcudur. İnanıram ki, cənab Prezident tərəfindən Ali Məhkəmənin hakimi kimi şərəfli və məsul vəzifəyə təqdimatı verilən namizədlər həm parlamentdə dəstək tapacaqlar, eyni zamanda, ölkə Prezidentinin və Milli Məclisin onlara göstərdiyi etimadı fəaliyyətləri zamanı doğruldacaqlar. Cənab Prezident tərəfindən verilən təqdimatların səsə qoyulmasını təklif edirəm.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Əli müəllim, bu cür təyinatlarda, adətən, namizədlərin və yaxud təsdiqə gəlmiş adamların keçdiyi yollar, təcrübələr haqqında müəyyən arayışlar təqdim olunurdu. İndi nədənsə bizə belə sənədlər verilməyib.
Sədrlik edən. Sənədlər hamıya verilib.
S. Rüstəmxanlı. Məndə yoxdur. Məndə ancaq iki sənəddir. Onda sual yoxdur.
Sədrlik edən. Buyurun, Vasif Əliyev.
V. Əliyev. Mənim çıxışa yazılmağımın birinci məqsədi o oldu ki, minnətdarlığımı bildirim, çox sağ olun. Nə üçün belə sual yarandı? Bu yaxınlarda, bir həftə bundan qabaq 77 saylı dairənin seçicisi mənə məktubla müraciət edib. Birinci qrup əlili məhkəməyə çağırıblar, lal və kar, cavan oğlandır, fəhlə işləyir. Kimlərsə dava eləyiblər, indi onu məhkəmə mühakimə etməyə çağırır. Mən istərdim, bu suala hakimlər cavab versinlər. İndi məmnuniyyətlə onlara səs verəcəyik. Arayışda göstərilir ki, çox savadlı yoldaşlardır, müəyyən təcrübəyə malikdirlər. Mən, sadəcə olaraq, bu məsələdə onların mövqeyini bilmək istərdim. Görək onlar buna necə baxırlar? Astaranın məhkəməsi lal-karı mühakimə eləyir. Onların bu məsələyə münasibətini bilmək istərdim.
Sədrlik edən. Vasif müəllim, hakimlər işi bilməmiş necə cavab verəcəklər? Bu iş oxunmalı və sonra ona cavab verilməlidir. Təklif var ki, layihə səsə qoyulsun. Namizədlərin təqdimatı ayrı-ayrı gəlib, ona görə ayrı-ayrı səsə qoymalıyıq. Qüdrət Əsgərovun Ali Məhkəmənin hakimi seçilməsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.40 dəq.)
Lehinə 94
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 2
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Vəfaddin İbayev.

Səsvermənin nəticələri (saat 12.41 dəq.)
Lehinə 80
Əleyhinə 0
Bitərəf 4
Səs vermədi 4
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. İlqar Qılıcov.
Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Zakir Quliyevə səs verin.

Səsvermənin nəticələri (saat 12.42 dəq.)
Lehinə 78
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 3
İştirak edir 84
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Namizədlikləri təsdiq olunmuş hakimlərimizi təbrik edirik! Arzu eləyək ki, onlar Ali Məhkəmədə öz andlarına sadiq olsunlar, millətimizə, xalqımıza vicdanla qulluq etsinlər. Çox sağ olun.
Gündəliyin ikinci məsələsinə keçirik. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanunu layihəsinin birinci oxunuşudur. Sosial siyasət daimi komissiyası sədrinin müavini Musa Quliyev, buyurun.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dərman təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizlik strategiyasının mühüm tərkib hissəsidir. Əczaçılıq sənayesinin son 20-25 ildəki sürətli inkişafı xəstəliklərin profilaktikasında müalicəsi üçün işlədilən olduqca effektli dərman vasitələrinin yaradılması ilə yanaşı, dərman bazarına çoxlu sayda keyfiyyətsiz, əks-təsirləri çox olan və təsir mexanizmi axıradək öyrənilməyən dərman vasitələrinin daxil olmasına da şərait yaratmışdır.
Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə saxta və keyfiyyətsiz dərman vasitələrinin illik dövriyyəsi 30 milyard Amerika Birləşmiş Ştatları dollarından çoxdur. Bu saxta dərmanların 60 faizdən çoxu geridə qalmış və inkişaf etmiş ölkələrdə satılır. Dərmanların mənfi təsiri nəticəsində il ərzində xəstəxanaya düşənlər İngiltərədə ümumi stasionar xəstələrin 16 faizini, Fransada 13 faizini, Norveçdə 11,5 faizini təşkil edir. Amerika Birləşmiş Ştatlarında dərman müalicəsinin əks-təsirlərini və ağırlaşmalarını aradan qaldırmaqdan ötrü ildə 70 milyard dollar vəsait xərclənir. Dərman vasitələrinin əlavə təsirləri və düzgün təyin edilməməsi səbəbindən bu ölkədə ildə 100 minə yaxın insan dünyasını dəyişir. Kütləvi informasiya vasitələrində verilən məlumata görə Rusiyanın dərman bazarında satılan dərmanların 10 faizdən 40 faizə qədərini saxta və keyfiyyətsiz dərman məhsulları təşkil edir.
Azərbaycanda dərman vasitələrinin keyfiyyətsizliyi və düzgün təyin edilməməsi səbəbindən baş verən ağırlaşmaların monitorinqi və statistikası aparılmasa da, yuxarıda qeyd edilən problemlərin, təəssüflər olsun ki, bizim ölkəmizdə olması barədə də fikir söyləməyə kifayət qədər əsaslar vardır. Azərbaycanda indiyə qədər 2600 adda dərman qeydiyyatdan keçməsinə baxmayaraq, Azərbaycanın aptek şəbəkələrində 5000 addan çox dərman satılır. Başqa sözlə, ölkəyə gətirilən dərman vasitələrinin 50 faizə qədəri nəzarətdən kənardadır. Ümumdünya Səhiyyə Təşkilatının hesablamalarına görə dünyada il ərzində orta hesabla hər bir insan təxminən 20 ABŞ dolları məbləğində dərman vasitəsi işlədir. Bu hesabla Azərbaycanın dərman bazarında ildə 150 milyon ABŞ dollarından az olmayan məbləğdə dərman satıldığını təxmin etmək olar. Rəsmi rəqəmlər isə bu məbləğin cəmi 10 faizini təşkil edir. Azərbaycanın dərman bazarındakı bolluğu nəzərə alsaq, ehtimal etmək olar ki, ölkəyə gətirilən dərman vasitələrinin böyük əksəriyyəti nəzarətdən və vergidən yayındırılmaqla satılır.
Bu sahədə olan problemlərin aradan qaldırılması, əhalinin keyfiyyətli dərman vasitələri ilə təminatının həyata keçirilməsi, dərman vasitələri ilə davranışa dövlət nəzarətinin gücləndirilməsinə ehtiyacın olması respublikamızda dərman vasitələrinə dair qanunvericilik bazasının daha da möhkəmləndirilməsini tələb edir. Qeyd etmək yerinə düşərdi ki, dərman vasitələri sahəsində yaranan münasibətlər indiyədək 1996-cı ildə qəbul edilmiş “Əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 24 iyul tarixli və 2002-ci il 2 sentyabr tarixli fərmanları ilə tənzimlənmişdir.
Hörmətli millət vəkilləri, “Əczaçılıq fəaliyyəti haqqında” Qanun dərman və tibb vasitələri ilə davranışın bütün sahələrini əhatə etmədiyindən bu sahədə yaranan hüquqi boşluqların aradan qaldırılması, münasibətlərin tənzimlənməsi, dərman təhlükəsizliyi məsələsində ön plana çəkilməsi zərurəti sizə təqdim olunan Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanunu layihəsinin yaranmasını şərtləndirmişdir. Layihə Milli Məclisin Sosial qanunvericilik şöbəsinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və Azərbaycan Dövlət Tibb Universitetinin mütəxəssislərinin yaxından iştirakı ilə Sosial siyasət daimi komissiyasında hazırlanmış, dəfələrlə müzakirə olunduqdan sonra hörmətli millət vəkillərinin müzakirəsinə təqdim edilmişdir.
Qanun layihəsi hazırlanarkən Rusiya Federasiyasının, Qazaxıstanın, Belarusun və Estoniyanın qanunvericilik təcrübəsindən istifadə olunmuşdur. İndiyədək mövcud olan qanundan fərqli olaraq yeni layihədə tibb vasitələrinin statusu müəyyən edilmiş, dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları göstərilmiş, lisenziyanın əvvəlkindən fərqli olaraq üç istiqamətdə verilməsi nəzərdə tutulmuş, dərmanların dövlət qeydiyyatının mexanizmi müəyyən edilmiş, sertifikatlaşdırma müddəası göstərilmiş, humanitar məqsədlər üçün daxil olan dərman vasitələrinə tələblərin düzgün qoyulması öz əksini tapmış, markalanma və qablaşdırılma ilə bağlı şərtlər göstərilmiş, reklamla bağlı tələblər nəzərdə tutulmuş, dərman vasitələrinin istifadəsi nəticəsində insan sağlamlığına vurulmuş zərərin ödənilməsi məsuliyyəti müəyyən edilmişdir.
Hörmətli millət vəkilləri, qanun layihəsi 4 fəsildən və 19 maddədən ibarətdir. Layihənin I fəsli qanunda istifadə edilən əsas anlayışları, dərman vasitələri haqqında Azərbaycan Respublikasının qanunvericiliyini, dərman vasitələri ilə davranış sahəsində dövlət siyasətinin əsas istiqamətlərini özündə ehtiva edir. Layihənin “Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi” adlanan II fəsli dövlət tənzimlənməsinin üsullarını, dərman vasitələrinin dövlət qeydiyyatı, sertifikatlaşdırılması, idxalı, ixracı, dərman təhlükəsizliyinə dövlət nəzarəti, markalanma, əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması məsələlərini nəzərdə tutur. Layihənin III fəsli dərman vasitələri haqqında informasiya və reklamların yayılması qaydalarını, IV fəsil isə dərman vasitələrinin istifadəsi nəticəsində insan sağlamlığına vurulmuş zərərin ödənilməsi və qanunun pozulmasına görə məsuliyyəti müəyyənləşdirir.
Hörmətli millət vəkilləri, ölkəyə lazımi miqdarda keyfiyyətli dərman vasitələri gətirilməsi, ölkədaxili vəziyyətin stimullaşdırılması, dərman vasitələrinin dövriyyəsi sistemində korrupsiyanın qarşısının alınması məqsədi ilə dünya təcrübəsinə söykənən və işçi qrupunda dəfələrlə müzakirə olunan aşağıdakı təklifləri də sizin diqqətinizə çatdırmaq istəyirəm. Dərman vasitələrinə olan əlavə dəyər vergisinin 10 faizədək azaldılması, dərman istifadəsi üçün gətirilən xammalın və yardımçı materialların gömrük rüsumlarından azad edilməsi, həyati vacib dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi. Bu müddəalar qanun layihəsində yoxdur, lakin hörmətli deputatların dəstəyini qazanarsa, müvafiq icra hakimiyyəti orqanları ilə müzakirə aparılaraq ikinci oxunuşda layihənin uyğun maddələrinə əlavə edilə bilər.
Bu layihənin araya-ərsəyə gəlməsində əməyi olan hər kəsə Sosial siyasət daimi komissiyası adından təşəkkürümü və inandığımı bildirirəm ki, öz seçicilərinin sağlamlığını hər şeydən üstün tutan hörmətli millət vəkillərimiz Dərman vasitələri haqqında qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına dəstək verəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Musa müəllim, əyləşin. Hörmətli deputatlar, bugünkü qanun layihəsi ilə əlaqədar müvafiq təşkilatların nümayəndələri qonaq qismində iclasda iştirak edirlər. Elsevər Ağayev – Azərbaycan Respublikası səhiyyə nazirinin müavini, Hafiz Əliyev – Azərbaycan Dövlət Tibb Universitetinin Dərman texnologiyası kafedrasının müdiri, Faiq Quliyev – Həkimləri Təkmilləşdirmə İnstitutunun kafedra müdiri, Pərvanə Şəfiyeva – Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya-Təchizat Mərkəzinin şöbə müdiri, Əbülfət Abdullazadə - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi laboratoriyasının müdiri, Əflatun Babayev - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin hüquqşünası. Əgər suallarınız olarsa, bu şəxslərə də verə bilərsiniz. Abel Məhərrəmov.
A. Məhərrəmov. Hörmətli sədarət, hörmətli həmkarlar! Bu gün müzakirəyə çıxarılmış qanun layihəsi, doğrudan da, çox aktual bir məsələyə aiddir. Geniş müzakirəyə də ehtiyac duyulur. Mən qanun layihəsi ilə tanış olarkən, hiss etdim ki, doğrudan da, bu qanun layihəsi tanınmış mütəxəssislərin əlindən çıxıb, onların beyninin əməyinin məhsuludur, konseptual baxımdan bütün tələblərə cavab verir. Bununla bərabər ilkin oxunuş olduğu üçün bir neçə təklifim var. Hiss edirəm ki, bu təkliflər nəzərə alınsa, mühüm əhəmiyyət kəsb edə bilər.
Qanun layihəsinin 6.5-ci maddəsində deyilir: ”Dərman vasitələrinin klinik tədqiqatları zamanı dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin istifadəsinə yol verilir.” Doğrudan da, dərman maddələrinin klinik tədqiqatları zamanı bunun dövlət qeydiyyatı olmaya bilər, lakin belə məqamlardan sui-istifadə hallarına da yol verilir. Yəni dərman hələ sertifikat almayıb, xüsusi istehsala başlamaq üçün gərək klinik yekun aktı olsun. Belə halda mən hesab edirəm ki, bu maddəyə belə bir əlavə yazmaq lazımdır: “Xüsusi komissiyanın iştirakı ilə”. Hər hansı bir həkim götürüb bu dərmandan istifadə edə bilər və nəticədə digər ürək açmayan hadisələr baş verər. Ona görə mən özüm əlavə etmişəm və hesab edirəm ki, 6.5 bəndinə “dərman vasitələrindən istifadəyə yol verilir” sözlərindən sonra yazılsın: ”xüsusi komissiyaların iştirakı ilə”.
İkinci bir təklifim var. 16.1-ci maddədə qeyd olunur: “Kütləvi informasiya vasitələrində yalnız həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına yol verilir.” Mən təklif edirəm ki, həmin müddəanı daha dəqiqləşdirək, bunun aşağıdakı kimi təsbit olunması məqsədəuyğundur: “Kütləvi informasiya vasitələrində yalnız dövlət qeydiyyatından keçmiş və sertifikatlaşdırılmış və həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına yol verilə bilər”.
Mənim başqa təkliflərim də var, yazılı şəkildə komissiyaya verəcəyəm, ancaq bütövlükdə qeyd etmək istəyirəm ki, konseptual baxımdan bu layihə bütün tələblərə cavab verir və birinci oxunuşda bütün həmkarlarımı layihəyə səs verməyə dəvət edirəm.
Bir az vaxtım qalıb, ondan istifadə edib həmkarım hörmətli Nəsibliyə bir neçə fikrimi çatdırmaq istərdim. Vaxtdan istifadə edib cavab verə bilərəm, qoy hamı da bilsin ki, təhsil sistemində Azərbaycan cəmiyyətinin bütün təbəqələri işləyir, çalışır, fəaliyyət göstərir. Həm təhsil sahəsində, həm elmi müəssisələrdə, o cümlədən də bütün partiyaların üzvləri çalışırlar, bu heç kimi narahat etməsin. Bəzən reklam xatirinə burada arxada oturan bəzi yoldaşlar cürbəcür fikirlər ortaya qoyurlar. Mən bəyan edirəm və məlumat vermək istəyirəm ki, ali məktəblərdə işləyən hər bir şəxs müsabiqə yolu ilə həmin yerləri tuta bilər. Heç kim onların müsabiqədə iştirak etmələrinə qadağa qoymur. O ki qaldı Bakı Dövlət Universitetinin sabiq əməkdaşı Kamil Vəliyevin məsələsinə, Kamil müəllim 7-8 il bundan öncə Bakı Dövlət Universitetindən öz ərizəsi ilə çıxıb, sonra Türkiyədə işləməyə gedib, oradan da öz ərizəsi ilə çıxıb. Bəzi adamlar auditoriyaya yerləşə bilmirlər. Onlar haqqında burada gurultulu danışmağa ehtiyac yoxdur. Bəzən ziyalı etikasını gözləyirik, ancaq nəzərə alın ki, bu etika qarşılıqlı gözlənilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də vaxtımdan istifadə edib bir məsələyə qısa münasibət bildirmək istəyirəm. Burada hörmətli Müsavat Partiyasının təmsilçisi qeyd elədi ki, dairə seçki komissiyalarında müxalifət təmsil olunmayıb. Ola bilsin ki, Müsavat Partiyasının təmsilçiliyində hansısa problem var. Mənə elə gəlir ki, bu məsələni qaldırmaq yerində olar. Müxalifətçilik hansısa “Yeni Müsavat”, “Azadlıq” qəzetinin yazısı ilə müəyyən olunmur, müxalifətçilik fikirlədir, düşüncə ilədir, biz də hakimiyyətin hansısa siyasətini məddahlıq eləyib nə tərifləyirik, nə də qəbul etdiyimizi bəyan edirik. Normal səviyyədə tənqidimizi eləyirik və ona görə də başqalarını misal gətirərək təmsilçilik məsələsini qabartmaq doğru deyil. Ümumiyyətlə, bu məsələlərə diqqət yetirmək lazımdır. Orada təmsil olunan istər Böyük Quruluş Partiyası, istər Demokratik İslahatlar Partiyası, istərsə də Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası öz nümayəndələrini veriblər.
Qanun layihəsi ilə bağlı nəyi demək istəyirəm? Musa müəllimə təşəkkür edirəm ki, burada ciddi faktları göstərdi. Xüsusilə 2600 dərman vasitələrinin qeydiyyatdan keçməsi və 5000-dən artıq dərman satışının olması faktı çox ciddi faktdır. Ölkədə dərman bazarında nə qədər faciəli vəziyyətin yaranmasını göstərir. Burada təqribən 150 milyon dollarlıq dərmanın Azərbaycanda satıldığını dedi. Məndə olan rəqəm 130 milyondur, ona yaxın bir rəqəmdir, 130 milyon dollarlıq bazarda dərman var. Bunun da təqribən 95 faizi idxal olunur. Azərbaycanda, ümumiyyətlə, dərman istehsalı çox acınacaqlı vəziyyətdədir. Bu qədər faunası, florası, imkanları olan bir ölkədə biz dərman istehsalı ilə məşğul ola bilmirik. Təsəvvür eləyin ki, biz Yunan Kiprindən, Sloveniyadan, Slovakiya kimi ölkələrdən dərman alırıq. Həmin dövlətlər Avropa dərman bazarında rəqabətə davam gətirmədiyinə görə öz dərmanlarını Azərbaycana yönəldirlər və biz də bununla kifayətlənməli oluruq.
Ən təhlükəli vəziyyət vaksinlərlə bağlıdır. Gürcüstan, Ermənistan vaksinlərin alınmasına o qədər ehtiyatla yanaşır ki, çox vaxt başqa, xüsusi ilə düşmən ölkələrdə hazırlanan vaksinləri öz ölkəsinə daxil eləmək istəmir. Amma bizdə bunu Azərbaycan cəmiyyətinə çox rahat qəbul etdiririk. Bu, mikrobioloji bir silahdır, buna olduqca diqqətlə yanaşmalıyıq.
Sonra, 1996-cı ildə qəbul olunmuş “Əczaçılıq fəaliyyəti haqqında” Qanun var. Burada deyilir ki, bu qanun müasir dövrün tələblərinə cavab vermir, qüvvədən düşmüş hesab olunur. Ümumiyyətlə, dünyada “Dərman vasitələri haqqında” Qanun kimi işlənmir. Qanun layihəsinin adının dəyişılməsinə ehtiyac var. “Əczaçılıq fəaliyyəti və dərman vasitələri haqqında” Qanun olmalıdır. Bu daha geniş əhatəlidir. Hər iki qanunu birləşdirməklə bu məsələni həll etmək mümkündür. Qanunda, hesab edirəm, birbaşa belə yazılmalıdır: ”Beynəlxalq səhiyyə qurumlarının keyfiyyət sertifikatı olmayan və müəyyən standartlara cavab verməyən ölkə və dərman firmalarının dərman idxal etməsi qadağandır”. Bu qadağa qoyulmasa, dediyiniz 5 mindən artıq dərman bazara istənilən yolla gətirilə biləcəkdir.
Bunu da qeyd etməliyik ki, Azərbaycanda pulsuz apteklər yığışdırılıb, özəl apteklər vardır. Heç olmasa, hər rayonda əhalinin vəziyyətini nəzərə almaqla bir dövlət apteki olmalıdır. Həkimlərin apteklərlə müqavilələri var və 2 dərman əvəzinə reseptə 20 dərman yazır və oradan faiz götürürlər. Bununla da vətəndaş çox acınacaqlı bir vəziyyətə düşür.
Burada reklamlarla bağlı məsələdə ciddi bir nüansı qeyd etməliyik. Burada qeyd olunur ki, həkim resepti olmadan buraxılan dərman vasitələrinin reklamına yol verilir. Amma mənə elə gəlir, buraya mütləq bir əlavəmiz də olmalıdır. “Azərbaycan Respublikasının dərman vasitələrinin reyestrinə daxil olan” sözləri layihəyə əlavə edilməlidir. Reyestrdə olmayan dərmanların bu cür reklam edilməsi mümkün hesab olunmamalı və bu istiqamətdə iş aparan teleradio yayım şirkətləri qanunla cəzalandırılmalıdır. Qanunda bu mexanizm bilavasitə nəzərdə tutulmalıdır. Apteklərdən dərman buraxılarkən hər bir alıcının dərman haqqında keyfiyyət sertifikatının göstərilməsini satıcıdan tələb etmək hüququ əks olunmalıdır, çünki hər bir dərman az dozada da olsa, zəhərdir. Ona görə də bu hüququ biz mütləq alıcıya verməliyik.
Ən vacib məsələlərdən biri. Azərbaycanda istehsal və idxal olunan bütün dərmanların istifadə təlimatlarında müvafiq icra hakimiyyəti orqanının təsdiqi və imzası olmalıdır. Bütün dünyada belədir. Nə qədər olmaya, kontrabanda yolu ilə, başqa yollarla dərmanlar ölkəyə daxil olur. Başqa məhsulları yenə ötüşdürmək olar, dərman əhalimizin sağlamlığıdır, insanların gələcəyi ilə bağlı məsələdir. Ona görə mütləq göstərilməlidir ki, hansı müvafiq icra hakimiyyəti orqanının təsdiqi nəzərdə tutulur. Hesab edirəm ki, bu qanun çox vacib bir qanundur, deyilən düzəlişlərlə bunun qəbul olunması faydalı olar. Ümid edirəm ki, dərman bazarındakı dərəbəyliyə son qoyula bilər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Məndən əvvəl çıxış edən hörmətli deputatlardan fərqli olaraq qanun layihəsi haqqında tənqidi fikirdəyəm. Mən çox diqqətlə 1996-cı ildə qəbul edilmiş “Əczaçılıq fəaliyyəti haqqında” Qanunu oxudum və yeni qanun layihəsi ilə müqayisə etdim. Bu qanun layihəsinin müəllifləri buradadırlarsa, mən onlara sual verirəm ki, fərqin nədən ibarət olduğunu daha konkret şəkildə göstərsinlər. Bəzi terminoloji məsələlərin, yaxud yeni anlayışların daxil edilməsi yeni qanunun konseptual baxımdan da qəbul edilməsini, məncə, zəruri etmir. Amma şübhəsiz ki, burada olduqca ciddi, təhlükəli bir yenilik var. Azərbaycanda bir çox sahələrdə mafiyalaşma gedir və bu, xüsusi ilə dərman sahəsində özünü göstərir. Biz hesab edirik ki, keçmiş səhiyyə naziri Əli İnsanovdan xilas olandan sonra səhiyyə sahəsində yeniliklər özünü göstərəcək. Təəssüf ki, bunu müşahidə etmədik.
Diqqətinizi 1.01-ci maddəyə cəlb edirəm. “Dərman vasitələri” anlayışına həm də diaqnostika, profilaktika, müalicə məqsədi ilə istifadə edilən tibb vasitələrinin aid olunması ən böyük yenilikdir. Yəni artıq bir stomatoloji stulun gətirilməsi, pərakəndə satışı üçün lisenziya almaq lazım olacaq. Yəni bu qanun layihəsində son dövrdə qeyri-qanuni inhisarlaşmaya alınmamış “tibb vasitələri” adlanan cihazlar, stollar, müxtəlif klinikalar üçün gətirilən digər avadanlıqların da lisenziyalaşması tətbiq olunur. Hamıya məlumdur ki, bu və ya digər klinikalar, özəl müəssisələr və ya bu işlə məşğul olan ayrı-ayrı hüquqi və fiziki şəxslər Səhiyyə Nazirliyindən lisenziya almadan bunların ölkəyə gətirilməsi və satışı ilə məşğul olurlar. Bu da çox ciddi bir sahədir. Ölkəyə 2004-cü ilin məlumatına görə 29 milyon dollarlıq əczaçılıq xammalı gətirilib. Amma 70 milyon dollarlıq tibbi cihazlar və avadanlıqlar gətirilib. Burada da bir xeyli gizlətmələr var. Ona görə də mən çox ciddi bir şəkildə lisenziya məsələsinin, xüsusi ilə də tibbi vasitələrə aid edilməsinin bu qanun layihəsindən çıxarılmasını təklif edirəm. Hesab edirəm ki, əks təqdirdə səhiyyənin inkişafına çox ciddi bir zərbə dəyəcəkdir.
Məlumdur ki, dərmanları topdansatış lisenziyası olan 3-4 müəssisə gətirir. Keyfiyyətsiz dərmanları gətirən, deyilən 150 milyonun 90 faizini mənimsəyən hansı təşkilatların olmasını müəyyənləşdirmək elə də çətin deyildir. Bu sahə də onların inhisarı altına keçəcəkdir. Dərman vasitələri haqqında qanun layihəsinə olduqca etinasız münasibət bəslənilib. Bu qanun təkcə dərman haqqında deyil, bunların satışı, bunların istehsalı haqqında olmalıdır. Mən təəssüf edirəm ki, İqtisadi siyasət daimi komissiyası bu məsələyə baxmayıb. Dərman məsələsi elmlə birbaşa bağlı bir məsələdir. Elm və təhsil məsələləri daimi komissiyası bu məsələnin müzakirəsini keçirməyib. Sizi inandırıram ki, belə olarsa, bir çox məsələlərə aydınlıq gətirilərdi. Xüsusi ilə İqtisadi siyasət daimi komissiyasındakı müzakirəsinin vacibliyini diqqətinizə çatdırmaq istəyirəm.
Son illərdə pərakəndə satış üçün lisenziyaların 2 min dollar rüşvətlə verilməsi, topdansatış ticarəti üçün lisenziya üçün 12 min dollar verilməsi haqqında istənilən tanış olduğunuz, inandığınız, bu sahədə çalışan adamlardan soruşa bilərsiniz. Xüsusi olaraq bu sahədə sorğu aparmağa cəhd etdim ki, burada şayiələr əsasında danışmayım, ümumi dedi-qodu söhbətləri olmasın. Mənə dedilər ki, rayon aptekləri üçün həmin qiymətlər qalıb, amma şəhər aptekləri üçün lisenziyaların verilməsi artıbdır. Mən sizi inandırıram ki, cihazlar, avadanlıqlar məsələsi lisenziyaya daxil olarsa, həmin məsələ də bu şəkildə tənzimlənsə, biz rüşvət sahəsində də böyük tərəqqiyə və qiymət artımına nail olacağıq. Onsuz da son dövrdə Azərbaycanda qiymət artımı çox böyük sürətlə irəliləməkdə və inkişaf etməkdədir. “Əczaçılıq fəaliyyəti haqqında” Qanunun bir sıra mütərəqqi müddəaları bu qanun layihəsində yoxdur. Məsələn, keçmiş qanunda “Vətəndaşlara dərman yardımı“ adlı fəsil var idi. Yeni qanun qüvvəyə minsə, bu, qüvvədən düşəcəkdir. Həmin maddənin 1-ci bəndi vətəndaşların bu sahədə hüquqlarını tənzimləyirdi. Məsələn, “Azərbaycan Respublikası vətəndaşlarının keyfiyyətli...
Sədrlik edən. 5 dəqiqədir, danışırsınız. Lazımdırsa, səsə qoya bilərik. Burada yazılan çoxdur.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fikirlərinizi yekunlaşdırın, lazım gəlsə, biz səsə qoyarıq.
P. Hüseyn. Təşəkkür edirəm. Bir daha diqqətinizi buraya cəlb edirəm. Bu sahədəki bir çox hüquq və vəzifələr layihədə öz əksini tapmamışdır. Mən bu qanun layihəsinin birinci oxunuşdan qəbul edilməsinin əleyhinəyəm.
Burada yaxşı oldu ki, bir sıra hörmətli həmkarlarımız başqa məsələlərə də toxundular. Bu hüquqdan mən də istifadə edirəm. Mən hesab edirəm ki, Azərbaycan elminin və Azərbaycan təhsilinin Kamil müəllim kimi böyük alimlərimizə böyük ehtiyacı var.
İkincisi, tam qətiyyətlə, yəqinliklə bildirirəm ki, hörmətli Fazil bəyin dediyinin əleyhinə olaraq, onun partiyasının və adını çəkdiyi digər partiyaların nümayəndələri yerlərdə birbaşa icra hakimiyyəti orqanları tərəfindən təyin olunur və seçki komissiyaları birbaşa iqtidarın nəzarəti altında formalaşdırılır. Mən burada heç “siyasi partiyalar” sözlərini də işlətmirəm. Sağ olun.
Sədrlik edən. Mən bundan sonra çıxış edəcək deputatların diqqətinə çatdırmaq istəyirəm, xahiş edirəm, qanun layihəsi üzrə danışaq. Bir məsələni də sizinlə məsləhətləşmək istəyirəm. Biz keçən iclasda qərara almışdıq ki, bu cür qanun layihələri birinci oxunuşda müzakirə edilərkən reqlament 5 dəqiqə müəyyənləşdirilsin. Əgər ehtiyac varsa, səsə qoyaq? Gəlin, səsə qoyaq, sonra söz-söhbət olmasın. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.12 dəq.)
Lehinə 76
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Doğrudan da, təqdim olunan qanun layihəsi vacib qanun layihələrindən biridir və komissiyaya da, Musa müəllimə də öz təşəkkürümü bildirirəm. Amma mənim fikrim tamamilə ayrı istiqamətdə olacaqdır. Dərman təchizatı səhiyyə sisteminin bir hissəsidir və ayrı-ayrılıqda səhiyyənin müxtəlif sahələri haqqında belə bir qanun qəbul etməyə ehtiyac yoxdur. Hesab edirəm, ümumiləşdirib bir qanun qəbul etmək olar. Sabah tibbi təchizatın təmin olunması, o biri günü tibbi avadanlığın, binanın təmin olunması, onun təmiri və sair və beləliklə, 20-yə yaxın qanun olacaq? Bu gün böyük zərurət var ki, əczaçılıq fəaliyyəti haqqında və yaxud da tibbin texniki təchizatı haqqında bir qanun layihəsi hazırlansın və təqdim olunsun, çünki istər vətəndaşlar, istərsə də ictimaiyyətin ayrı-ayrı nümayəndələri tərəfindən dəfələrlə tibbi texnikanın, dərman preparatlarının lazımi səviyyədə olmaması barədə fikirlər söylənilir.
Digər bir məsələ. Bu gün biz qanun qəbul edirik ki, dərman preparatlarının gətirilməsi, onun lizenziyalaşdırılması və sair məsələlər tənzimlənsin. Azərbaycan elə bir dövlətdir ki, artıq bunu istehsal etməyə özü başlamalıdır. Adi bir misal demək istəyirəm. Birdəfəlik şprislər var. Azərbaycanda ildə təxminən 10 milyona yaxın istehsal olunur. Bunun texnologiyası da mürəkkəb deyil. Bunu istehsal və cəmiyyətə təqdim etmək üçün hər il biz büdcədən milyonlarla pul ayırırıq və hamısı havaya gedir. Niyə havaya gedir? Ona görə ki, birdəfəlik sərf olunub xərclənir. Gedib, hansısa dövlətlə müqavilə bağlayırlar, onun əsasında bint, pambıq gətirirlər.
Azərbaycan pambıq istehsal edən ölkədir. Yəni bunun təkrar istehsal olunması mümkün deyil. Əgər burada hər hansı müəssisə açılsa, bunu istehsal eləsə, Azərbaycanda fəhlələr çalışar, oradan gələn vergi Azərbaycanın dövlət büdcəsinə keçər və bunun nəticəsində pensiyaçılar, büdcədən maliyyələşən insanlar maliyyə təminatı alarlar. Bu vəsait yenidən dövlətə qayıdar. Görünür, bunun dövlət büdcəsinə qayıtması heç kimə sərf etmir. Ona görə də orada – burada müqavilə bağlayırlar və beşqat artımla həmin ləvazimatlar bu gün Azərbaycan məkanına daxil olur, özü də qeyd olunduğu kimi, keyfiyyətsiz.
Mənim seçildiyim Naxçıvan Muxtar Respublikasının ərazisində həddindən artıq dərman bitkiləri var. Hər dəfə oraya gedəndə insanlar deyirlər ki, vaxtı ilə Macarıstandan, ayrı-ayrı dövlətlərdən gəlib bunlardan dərman hazırlayırdılar. İnsanlar bəzi xəstəliklərin xalq təbabəti üsulu ilə istifadə edirlər. Bu günə qədər həmin dərman bitkilərindən istifadə edib orada hər hansı bir müəssisə açmaq nəyə görə planlaşdırılmır? Bizim büdcədən ayırdığımız vəsaitin böyük hissəsi səhiyyənin təşkilinə sərf olunmalıdır. Dərmanların keyfiyyətsizliyi barədə mən söz demək istəmirəm. Hamıya bəllidir ki, 10 dərman atırsan, başının ağrısı kəssin, kəsməyəcək, çünki mümkün deyil. Üstündə nə desən yazılır, amma içərisində bunlar yoxdur. Bu dərmanların böyük əksəriyyəti heç yerdən gətirilmir, Bakı şəhərində, rayonlarda gizli sexlərdə istehsal olunur. Üstünə də ayrı dövlətlərin markalarını vurub cəmiyyəti zəhərləməklə məşğuldurlar. Bunun qarşısını qəti şəkildə almaq lazımdır. Bundan təhlükəli məsələ ola bilməz. Artıq bu prosesin qarşısı alınmalıdır, dayandırılmalıdır.
İndi Pənah Hüseyn tibb avadanlığının lisenziyalaşdırılması ilə bağlı qeyd etdi. Tamamilə doğrudur, lisenziyalaşdırılmalıdır. Birincisi, onun qeydiyyatı üçün lisenziyalaşdırılmalıdır. İkincisi, tutaq, mən sabah getdim, “UZİ” aparatı gətirdim və lisenziyasız adamları yoxlayıram və bu da heç bir standarta cavab vermir. Onun lisenziyası olmalıdır və bilinməlidir ki, standarta cavab verir, ya yox. Amma bununla yanaşı, müəyyən avadanlıqları çıxmaq şərti ilə bir çox əşyaları, məsələn, yorğan-döşəyi, adyalı özümüz istehsal edə bilərik. Bunları xaricdən almağa ehtiyac yoxdur. Hesab edirəm ki, bu məsələlərə ciddi yanaşılmalı və qanun layihəsində geniş mənada bunlar öz əksini tapmalıdır.
Musa müəllimin burada qaldırdığı bir neçə təkliflə razıyam ki, müəyyən verginin azaldılması və sair məsələlər. Nəzərə alınmalıdır. Amma bununla yanaşı, biz çalışmalıyıq ki, xaricdən daha az dərman preparatları və avadanlıq alınsın. Acınacaqlı haldır ki, burada Avropa ölkələrini sadaladılar. Oradan alınsaydı, nə dərdimiz var idi? Hindistan, Banqladeş kimi ölkələrdən alınır. Bunlardan isə səhiyyə sistemində nə müayinədə, nə də müalicədə istifadə edilir. Ancaq Azərbaycana bunların dərman preparatları və yaxud da avadanlıqları gəlir. İrandan və başqa-başqa yerlərdən avadanlıqlar almaqla məşğuluq. Buna çox ciddi şəkildə yanaşılmalı və qanun geniş olmalı, bütün o təchizatı əhatə etməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Sağ olsun məndən öncə çıxış edən hörmətli millət vəkili Siyavuş Novruzov. Yəqin ki, hansısa bir müxalifət nümayəndəsi bu cür çıxış etsəydi, onu böhtan atmaqda suçlayardılar, amma mən Siyavuş bəyin bu çıxışını müdafiə edirəm. Bir neçə faktı da mən söyləmək istəyirəm. Bəllidir ki, əczaçılıq fəaliyyəti ilə əczaçılıq təhsili olan əczaçılar məşğul olmalıdırlar, çünki bu, insan taleyi ilə bağlı bir məsələdir. Təəssüf ki, hazırda bu işlə qeyri-peşəkarlar məşğul olurlar. Son illərdə zəhərlənmələrin və ölüm hallarının artma səbəblərindən biri də budur.
Xəstəxanalarda çalışan həkimlərin, tibb bacılarının bir çoxu dərman alveri ilə məşğuldurlar. Bu sahədə də nəzarət yoxdur, heç bir ölçü götürülmür. Hətta psixotrop dərman preparatlarının açıq satışından belə çəkinmirlər, psixotrop dərman preparatları xüsusi razılıq, lisenziya əsasında xüsusi apteklərdə satılmalıdır. Əksər klinik xəstəxanalarda anestezioloqların əksəriyyəti qara bazardan qeyri-qanuni üsullarla narkoz üçün lazım olan psixotrop dərmanları, məsələn, akllepson, tetamin, relanium və sairləri ucuz qiymətə əldə edib xəstələrə baha qiymətə satırlar və ya bunlardan istifadə edirlər. Hətta bəzi hallarda dərmanın yararlılıq müddəti keçsə belə, istifadə edirlər. Budur bugünkü reallıq, bizim insanlarımıza olan ögey münasibət. Bu gün təkcə Bakı şəhərində yüzdən artıq dərman firması fəaliyyət göstərir. Hərəsinin xeyli adda dərman gətirib lisenziya alması bəllidir. Yəni hansı üsulla lisenziya alınması da bəllidir. Düşüblər xəstəxanaların canına, əvvəlcə rüşvət verməklə, həkimlərlə müqavilə bağlayıb, onların dərmanlarının xəstələrə yazılması üçün dəridən-qabıqdan çıxırlar. Həkimlərin də bir çoxu maddi marağı üstün tutaraq xəstənin dərmana həssaslığını müəyyən etmədən xəstələrə təyin edirlər və nəticədə canının hayında olan xəstə də həkimlərə inanaraq həmin dərmanları baha qiymətə almağa məcbur olur. Xəstələr səhv təyinat ucbatından aylarla əziyyət çəkirlər.
Sovetlər dönəmində apteklərin açılması üçün ilk növbədə əhalinin sayı nəzərə alınırdı və bəlli bir məsafə var idi. Son dövrlər dəyişib və indi bir divarın o üzündə və bu üzündə fiziki şəxslərə lisenziyalar verilir və onlar dərman satışı ilə məşğuldurlar. Respublikaya gələn və xaricə gedən şəxslərə zəruri miqdarda dərman vasitələrinin maneəsiz gətirib aparmağa icazə verilməsi nəzərdə tutulur. Bəlkə kimsə zəhər, narkotik və ya satışı, alışı qadağan olan dərmanlar gətirir? Bu necə müəyyənləşdirilir? Buna kim nəzarət edir? Mənə elə gəlir ki, bu məsələ ilə bağlı aydınlıq gətirilsə, yaxşı olar.
Məlumdur ki, Səhiyyə Nazirliyinin nəzdində Mərkəzi analitik laboratoriya yaradılmışdır. Respublikaya idxal olunan dərmanların əksəriyyəti oradan analizdən keçirilib onların keyfiyyətinə və satışına icazə verilməlidir. Qanun layihəsində elmi tədqiqat müəssisələrinə də dərman vasitələrinin idxalını, keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini müəyyən etmək səlahiyyətinin verilməsi nəzərdə tutulur. Gəlin görək, elmi tədqiqat müəssisələrində dərman preparatlarının farmakopeyaya uyğun olaraq keyfiyyətini, eyniliyini müəyyən etmək üçün lazımi reaktivlər, cihaz və avadanlıqlar varmı? Bu, qətiyyən mümkün olan reallıq deyil. İndiki halda respublikaya on min adda dərman preparatı idxal olunur və satışa buraxılır. Hansısa bir dərman satışı ilə məşğul olan fiziki şəxs analitik laboratoriyaya yox, istədiyi elmi tədqiqat müəssisəsinə müraciət etsə, müxtəlif üsullarla müsbət rəy ala bilər, ona satış lazımdır. Layihənin ikinci oxunuşunda mən təklif edəcəyəm ki, bu bənd çıxarılsın.
Hörmətli səhiyyə naziri ilk gəlişində bəyan etdi ki, xəstəxanalar pulsuz dərmanla təmin olunacaq. İlin 4 ayı keçib, amma heç bir xəstəxana apteki pulsuz dərmanla təmin olunmayıb. Bu vədin özü qeyri-mümkün və qeyri-peşəkar bir vəd idi, çünki büdcədən dərman təminatı ilə bağlı nəzərdə tutulan 10-cu maddə bunu həyata keçirməyə imkan vermir. Hal-hazırda guya mərkəzləşdirilmiş dərman bazası yaradılıb. Tender əsasında istədikləri firmadan, onlara sərf edən bazadan söhbət gedir, istədikləri qiymətə dərmanları alıb bazar qiymətindən 5-6 dəfə baha qiymətə satırlar. Həmin qiymət daxilində Bakı Şəhər Səhiyyə İdarəsinin, bazanın maliyyə idarəsinin faizləri var, ona görə belə baha çıxır. Nəyə görə xəstəxana apteklərinə verilməsin? Səhiyyə Nazirliyinin Baş Apteklər İdarəsinin nəzarəti altında sahibkar kimi sərbəst balansa malik təsərrüfathesablı idarə ayrılmasın? Yəni daxili azad satışa icazə verilsin. Bu halda dövlətə vergi verilər, lisenziyalar əsasında fəaliyyət göstərən apteklər kimi firma dərmanları alıb xəstələri təmin edər. Topdansatış qiymətə 10-15 faiz əlavə olunmaqla bunu həyata keçirmək mümkün olardı və bu fantastik bahaçılığın da qarşısı alınardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Qanun layihəsini mən də diqqətlə oxumuşam. Təbii ki, dərman vasitələrinin istehsalından tutmuş satışına qədər bütün münasibətləri tənzimləyən maddələri oxuduqca, bu sahədə yaranmış real vəziyyəti göz önünə gətirmişəm. Azərbaycanın dərman bazarını dolduran, əslində, çox ucuz qiymətə alınan, ancaq hamımıza bəlli səbəblərdən çox baha satılan keyfiyyətsiz dərmanların insanların həm sağlamlığına, həm də büdcəsinə vurduğu ağır zərbəni fikirləşdikcə bir suala cavab tapmağa çalışmışam. Bu qanunun qəbulu ilə dərman vasitələri sahəsində hamımızı narahat edən və günü-gündən daha da vüsət alan neqativ halların qarşısını ala biləcəyikmi? Daha dəqiq ifadə etsəm, məni qəbul edəcəyimiz bu qanunun, həmçinin qəbul etdiyimiz digər qanunların icra mexanizmi daha çox maraqlandırır. Ən yaxşı qanun, yəqin, hamınız razılaşarsınız ki, icra olunan qanundur.
Bu fikrimi əsaslandırmaq üçün çıxışımı layihədəki ancaq bir maddənin üstündə qurmaq istəyirəm. Bu qanun layihəsində də qanunvericiliklə müəyyən edilmiş qaydada vətəndaşların ayrı-ayrı kateqoriyalarına pulsuz və ya güzəştli dərman yardımı göstərilməsinə dövlət təminatından bəhs edilir. Bir neçə həftə əvvəl biz bədxassəli şişlərin diaqnostikası və müalicəsi ilə əlaqədar çox mühüm bir qanunu qəbul etdik. Açığını deyim ki, həmin qanunda bədxassəli şişlə qeydiyyata alınmış xəstələrə çox baha qiymətə olan dərmanları, o cümlədən narkotik və qeyri-narkotik dərmanların verilməsinin dövlət hesabına maliyyələşdiriləcəyi haqqında müvafiq maddəni oxuyanda bunu çox təqdir etdim. Elə bildim ki, bu, qanunda yeni maddədir. Ancaq kiçik araşdırma nəticəsində bəlli oldu ki, bu qayda elə əvvəllər də mövcud olmuş və sadəcə olaraq, icra edilməmişdir. Məhz icra olunmadığından ölkədə elə bir tibb müəssisəsi xatırlaya bilmədim ki, həmin xəstələrə lazım olan dərmanları pulsuz versin. Əksinə, elə ailə xatırladım ki, bu ailənin başçısı bədxassəli şişdən 2-3 ay yatandan sonra dünyasını dəyişdirmişdir, onun ailəsi isə bu xəstənin dərmanlarına çəkilən xərci ödəmək üçün hələ də əzab çəkir.
Yaxud başqa bir misal. Mənim təmsil etdiyim rayonda 2006-cı il martın 1-nə qədər 500 nəfər şəkərli diabet xəstəsi qeydə alınmışdır. Nəzərinizə çatdırım ki, onlardan yalnız 75-nə pulsuz dərman verilir. Qalan 425 nəfər xəstə isə ona pulsuz verilməli olan dərmanları öz vəsaiti hesabına almalı olur. Mən belə misalları artıra da bilərəm, ancaq bunu etmədən sizin diqqətinizi bu qanun layihəsinin, həmçinin bu tipli digər qanunların icra mexanizminə cəlb etmək istəyirəm.
Layihənin 10-cu maddəsinin 10.2-ci bəndində yazılıb: “Dərman vasitələrinin dövriyyəsi sahəsində gigiyena və sanitariya normalarına əməl olunmasına nəzarəti dövlət sanitar-epidemiologiya xidməti orqanları həyata keçirir”. Çox normaldır. Mən hesab edirəm ki, bu və bu kimi digər maddələr və ya bəndlər mütləq layihədə öz əksini tapmalıdır. Ancaq kim bir fakt göstərə bilər ki, xüsusi ilə rayonlarda sanitar-epidemiologiya xidməti orqanları müəyyən edilmiş normaya əməl etmədiklərinə görə, məsələn, dərmanların ərzaq malları satılan mağazanın bir küncündə satışını həyata keçirdiyinə görə bu və ya digər aptekin məsələsini qoyubdur. Şəxsən mən belə bir faktı göstərə bilmərəm və inanıram ki, hətta bu qanunun qəbulundan sonra da bu, baş verməyəcək. Ona görə də, fikrimcə, digər maddələrlə yanaşı, bu qanunun pozulmasına görə məsuliyyət maddəsinə diqqət daha çox yönəldilməlidir. Layihədə qanunun icrasına məsul olan müvafiq icra orqanlarının, həmçinin fiziki və hüquqi şəxslərin məsuliyyətinin daha da artırılması üçün çox ciddi tədbirlər nəzərdə tutulmalıdır. Əks halda bu qanun da digərləri kimi icra olunmayacaqdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mənim yaxşı yadımdadır ki, dərman preparatları ilə əlaqədar qanun 1996-cı ildə müzakirə olundu, qəbul edildi. 1997-ci ildə yenidən müzakirə olundu. 2002-ci ildə bir daha müzakirə olundu, indi də 2006-cı ildə bir daha müzakirə olunur. Hər dəfə bu qanun təkmilləşir və bunun təkmilləşməyə çox ciddi ehtiyacı var, qəbulları da, təkmilləşməni də mən təbii bir proses hesab edirəm. 4 fəsil və 19 maddədən ibarət olan bu qanun layihəsinin bütün maddələri zəruri və lazımlıdır. Heç təsadüfi deyil ki, Musa müəllimin məruzəsində biz dinlədik ki, 2600-ə qədər dərman preparatı qeydiyyatdan keçibdir. Ancaq satışda onların sayı 5 mindən, yəni 2 dəfədən çoxdur. 5 mindən artıq dərman satılır ki, bunun yarısı da qeydiyyatdan keçməyib.
Burada çıxış edənlər tamamilə düzgün bir məsələyə toxundular ki, həmin dərmanların çox böyük hissəsi formaca dərmandır, məzmunu yoxdur. Atırsan, baş ağrısına xeyir etmir, başqa xəstəliklərə xeyir etmir. Deməli, bunlar süni şəkildə düzəldilmiş, üstünə isə başqa adlar yazılmış, yaxud düzgün hazırlanmamış dərmanlardır. Ona görə də bizim qanunlar daha möhkəm, ciddi olmalıdır, çünki söhbət insanın sağlamlığından gedir. Burada bəzi yoldaşlar dedilər. Xeyr, bu saat müəyyən xəstəxanalara pulsuz dərmanlar paylanır və onlardan da kifayət qədər istifadə edirlər. Lakin bunun keyfiyyəti və kəmiyyətini artırmaq lazımdır. Bütün bunlarla əlaqədar mənim bir neçə təklifim var, xahiş edirəm, onlara diqqətli olasınız.
Göstərilən qanun layihəsinin 3-cü maddəsi “Dərman vasitələri ilə davranış sahəsində dövlət siyasətinin əsas prinsipləri“ adlanır və həmin prinsiplər sadalanır. İstərdim ki, həmin maddəyə belə bir bənd əlavə olunsun: “Dərman bazarının Azərbaycan Respublikası qanunvericiliyinə uyğun olaraq tənzimlənməsi”. Bu bəndin artırılmasını ona görə zəruri hesab edirəm ki, dəyişən hər bir məqamda dövlət vətəndaşlar qarşısında məsuliyyətdən irəli gələ biləcək qanunla nəzərdə tutulmayan addımlar da ata bilsin.
Qanun layihəsinin II fəslinin 4-cü maddəsindəki 2-ci bəndinin üçüncü hissəsində yazılır: “dərman vasitələrinin idxalına icazə verir”. Müvafiq icra hakimiyyəti orqanının əczaçılıq fəaliyyətinin tənzimlənməsinə yönələn bəndlərindən birində idxal haqqında danışılırsa, bu, ixraca da aid edilə bilər. Ona görə də təklif edirəm ki, həmin hissə belə yazılsın: “4.2.3. dərman vasitələrinin idxalına və ixracına icazə verir”. Musa müəllimin məruzəsindən də dinlədik, çox qəribə haldır ki, Azərbaycana gələn dərmanların 99 yox, 100 faizi alınmadır, hamısı idxaldır. İxraca bir dənə də dərman getmir. Həqiqətdə isə bu dərmanlar gedir, sahibkarlar tərəfindən xaricə göndərilir, yəni ixrac olunur. Ancaq bu, sadəcə olaraq, dövlət nəzarətindən, dövlət qeydiyyatından kənar gedir. Ona görə də qanun layihəsində yazılmalıdır: “idxalına olunduğu kimi ixracına da icazə verir”. Yəni dövlət tərəfindən bunlara nəzarət olunmalıdır. Həmin maddənin 2-ci bəndinin altıncı hissəsində yazılır: ”Həyati vacib və təcili hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”nı təsdiq edir”. Bu hissə belə redaktə edilərsə, daha məqsədəuyğun olardı: “Həyati vacib və təxirəsalınmaz hallarda istifadə edilən dərman vasitələrinin siyahısı”nı təsdiq edir”. Həmin maddəyə əsaslı fəaliyyətin tənzimlənməsi ilə məşğul olan müvafiq icra hakimiyyəti orqanının funksiyalarına dərman vasitələrinin saxlanılması ilə bağlı xüsusi qaydalarının hazırlanıb təsdiq olunması da əlavə olunmalıdır.
Heç kimə sirr də deyil ki, müəyyən apteklərdə dərman saxlanılması biabırçı vəziyyətdədir və bu çox zaman ağır nəticələrə aparıb çıxarır. Sizə məlumdur ki, süni özəl apteklər açılıb, orada dərmanlar çox yarıtmaz halda saxlanılır və onlar müvafiq təlimata uyğun saxlanılmır. Ancaq çox təəssüf ki, bu məsələ qanun layihəsinin bir maddəsinə və bəndinə salınmayıb. Qanun layihəsinin IV fəslinin 17-ci maddəsi “Dərman vasitələrinin istifadəsi nəticəsində insanın sağlamlığına vurulmuş zərərin ödənilməsi” adlanır. Bu maddədə bir sıra məqamlar nəzərə alınsa da, istehsalçının səhvi nəticəsində vurula biləcək zərər nəzərə alınmamışdır. Zənnimcə, bu, hökmən qeydə alınmalıdır, çünki həkimin, satıcının nöqsanı nəzərə alınır, əsas onu istehsal eləyib yaman günə qoyan istehsalçının nöqsanı nəzərə alınmır. Ona görə də təklif edirəm ki, oraya istehsalçının adı da hökmən yazılsın. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Səfər Məmmədov.
S. Məmmədov. Hörmətli həmkarlar, belə bir qanun, demək olar ki, bu gün üçün çox aktualdır. Yoldaşlar məndən əvvəl çıxışlarında göstərdilər. Eyni zamanda, Azərbaycanda bu gün apteklərdəki vəziyyət, mən deyərdim ki, bütün sahələrdəki vəziyyətlərdən pisdir, gərgindir. Nə idi bu gərginlik? Aptek işçiləri var ki, bu gün resepti oxuya bilmir. Apteklər var ki, dərman istehsal qiymətindən aşağı səviyyədə satılır. Görəsən niyə? Mən bu haqda bir neçə dəfə sual vermişəm. Dərmanların bir qismi, demək olar ki, kustar üsulu ilə rayonların özlərində hazırlanır. Ən çox ampisilin tipli dərmanlar, demək olar ki, yerlərdə kustar üsulu ilə hazırlanır və qiymətindən də qat-qat aşağı satılır. Eyni zamanda, aptek işçiləri var ki, heç nə bilmir. Dərmanların saxlanılması, qorunması haqda və yaxud bir məlumat almaq istədikdə xəstəyə cavab verə bilmir. Çox gərgin vəziyyətdəyik.
Xalq inandı ki, Əli İnsanovdan sonra təzə nazirimiz bu sahədə bir dönüş yaradacaq, hətta televiziyada çıxış elədi, müsahibə verdi ki, qeyri-qanuni apteklər bağlanacaq. Amma üstündən bir az keçməmiş özünü təkzib elədi, müsahibə verdi ki, bu çox çətindir, gərginlik var. Hələ bir neçə il bu cür davam edəcək. Bəs onda xəstə nə eləsin? Eyni adlı dərmanlar apteklərdə fərqli qiymətə satılır. Qalırsan məəttəl. Yaxşı, dərman əgər bu qiymətədirsə, necə olur, burada 18 minə, digərində 20 minə, başqa tərəfdə 16 minə satılır. Belə gərgin vəziyyət var. Xəstəxanalarda həkimlər özləri yazdıqları reseptə inanmırlar. Xəstəyə deyirlər ki, yazırıq, ancaq, vallah, bilmirəm, düşərli olacaq, olmayacaq, çünki dərmanlara inanmırıq. Hətta bəzi həkimlər deyirlər ki, təbii dərmanlar filan aptekdə satılır, gedin, onu alın. Dərman dərmandır. Üstündə həmin etiket, həmin nişan var, həmin aptekdə satan əczaçıdır, yazan həkimdir. Bəs onda xəstə nə eləsin? Ona görə də bu sahədə çox gərginlik var.
Mən komissiyaya təşəkkür edirəm ki, bu qanun layihəsini müzakirəyə çıxarıblar. Ancaq bu qanun layihəsinin bəzi müddəaları reklam xarakteri daşıyır. Qrip xəstəliyinə qarşı dərmanlar reklam eləyirlər. Bir xəstəliyə qarşı bəlkə on adda, on çeşiddə dərman reklam eləyirlər, xəstə bilmir, hansını qəbul eləsin. Bəzən də qəbul elədiyi dərman ona əks-təsir göstərir. Amma heç kim buna görə məsuliyyət daşımır. Bu maddənin birində var ki, reseptsiz dərmanlar reklam olunsun. Bu, yaxşı hal deyil. Dərmanın resepti olar. Xəstə də bunu qəbul eləyər və xeyrini görər. Mən bir millət vəkili, bir vətəndaş olaraq, hesab edirəm ki, belə bir qanun vacibdir. Apteklərdə, dərman satışında olan bu cür nöqsanlar, yəqin ki, həmin qanunla tənzimlənər. Yəqin ki, bu qanun nöqsanların aradan qaldırılmasına kömək edər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Sözsüz ki, bugünkü qanun layihəsinin aktuallığına heç kimin şübhəsi yoxdur. Həqiqətən də, artıq uzun müddətdir ki, müzakirə edirik. Millət vəkilləri bu haqda öz fikirlərini bildirirlər. Bu sahədə böyük çatışmazlıqlar var. Mən bunların üstündə dayanmaq istəmirəm. Yoldaşlar da dedilər. Bu gün apteklərdə satılan məhsulların bir hissəsinin vaxtı keçmiş, bir hissəsi qeyri-qanuni sexlərdə və yaxud qeyri-leqal fabriklərdə hazırlanmışdır. Burada Musa müəllim özü də qeyd etdi ki, satılan məhsulların 2600-ə qədəri lisenziyalaşdırılmış, siyahıya alınmış məhsullardır. Bir o qədəri də siyahıya alınmamış məhsullardır.
Mən bir neçə məsələni nəzərinizə çatdırmaq istəyirəm. Birinci, bayaq burada yoldaşlar dedilər ki, Səhiyyə Nazirliyində kadr dəyişikliyi olandan sonra orada başqa heç bir dəyişiklik olmadı. Mən bununla razı ola bilmərəm, çünki mən özüm də bu yaxınlarda bir neçə xəstəxanada görüşlər keçirmişəm və bunun şahidi olmuşam ki, əgər 6-7-8 ay bundan qabaq xəstəxanalarda dərmanla təminat, təchizatda böyük problemlər vardısa, bu saat Sabunçu rayonunun tibb müəssisələrində, o cümlədən 7 saylı xəstəxanada dərmanla tam təminat vardır. Cənab Şirəliyev səhiyyə naziri təyin olunandan sonra bir çox apteklərdə, doğrudan da, böyük yoxlamalar aparıldı, çox-çox faktlar aşkar olundu. Onu da deyim ki, Gəncədə yenə də bu məsələlər davam eləyir. Yəni gətirilən dərmanların qabağının alınması üçün müvafiq tədbirlər görülür.
Bununla bərabər, hesab edirəm ki, Azərbaycanda dərman istehsalını artırmaq lazımdır, çünki bu, vacib sahədir. Siyavuş müəllim dedi, həqiqətən də, Azərbaycanda 15 növdən artıq dərman bitkiləri var, əksəriyyəti də Naxçıvandadır. Bunlardan təbii dərman istehsal eləmək üçün imkanlar var. Yəni maddi-texniki baza olarsa, həmin bitkilərdən istifadə eləyib təbii dərmanların istehsalını Azərbaycanda tətbiq eləmək olar.
Konkret olaraq qanun layihəsi ilə əlaqədar aşağıdakıları demək istərdim. “Dərman vasitələri haqqında” adına, mən də hesab edirəm ki, bir də baxmaq lazımdır. Bəlkə Musa müəllim və komissiyası ilə bir yerdə baxılar. Buraya “farmaseft” sözünü də əlavə eləmək olar, çünki bunlar bir-biri ilə əlaqəli məsələlərdir. Burada Abel müəllim də dedi. Layihənin 6.5-ci maddəsində “istifadəsinə” sözündən sonra “qanunvericilikdə müəyyən olunmuş qaydada” sözlərinin də əlavə olunmasını təklif edərdim. Dərman vasitələrinin klinik təhqiqatları zamanı müvafiq qaydalara əməl olunması və özbaşınalıqlara yol verilməməsi öz əksini tapmalıdır.
“Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti” adlandırılan 8-ci maddə bir qədər genişləndirilməlidir. Mülkiyyət, təşkilat və hüquqi formasından asılı olmayaraq dərman vasitəsinin istehsalı ilə məşğul olan təşkilatlarda daimi fəaliyyət göstərən xüsusi dövlət nəzarəti bölmələri yaradılması nəzərdə tutulmalı, istehsal yerlərinin və şəraitin hər il monitorinqinin keçirilməsi, nəzarətin daimi xarakter daşıması, keyfiyyətli dərman vasitələrinin istehsalı və idxal edən təşkilatların bu fəaliyyətinin qadağan edilməsi, nəzarətin gücləndirilməsi, kütləvi informasiya vasitələrinin cəlb edilməsi və digər tədbirlər öz əksini tapmalıdır. Dərman vasitələrinin idxalı və ixracı ilə bağlı olan 9-cu maddənin bir az genişləndirilməsinə ehtiyac vardır. İdxal şərtlərindən bəhs edən 12-ci maddənin başlığının yenidən işlənilməsinə ehtiyac görürəm. Sağ olun.
Sədrlik edən. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Məndən əvvəl çıxış edən həmkarlarımın da qeyd etdiyi kimi, bu günədək dərman vasitələri bazarında, dərman vasitələrinin ölkəyə idxal olunması sahəsində bir pərakəndəlik mövcuddur. Dərman vasitələrinin keyfiyyət baxımından müəyyən olunmuş standartlara uyğunluğunu, yararlığını, istifadə müddətini və sair bu kimi məsələləri müəyyənləşdirən və tənzimləyən vahid qaydalar yoxdur. İdxal olunan dərman vasitələrinin respublikamıza hansı şəraitdə, necə gətirildiyi, gətirildikdən sonra müvafiq qaydalara əsasən saxlanılıb-saxlanılmadığı, nəzərdə tutulan təyinatı üzrə effektli olub-olmadığı bilinmir. Xaricdən idxal olunan dərman vasitələrinin istifadə qaydalarının nəinki öz ana dilimizdə, hətta heç olmasa, rus dilində belə tərcüməsi çox vaxt əlavə edilmir. Qeyd edilənlər vətəndaşların, bizim hər birimizin, övladlarımızın, yaxınlarımızın sağlamlığına, gələcəyinə təsir edən çox əhəmiyyətli amillərdir. Bu baxımdan dövlət həmin problemlərin həllinin ciddi nəzarət altına alınmasına, qeyd olunan pərakəndəliyin aradan qaldırılmasına və adı çəkilən sahədə ciddi qayda-qanun yaradılmasına nail olmaq üçün müvafiq tədbirlər görməlidir.
Müzakirəmizə təqdim olunan Dərman vasitələri haqqında qanun layihəsi bu istiqamətdə atılan çox mühüm addımdır. Bu layihə dərman vasitələri bazarında dövlət siyasətinin əsas prinsiplərini, dərman vasitələri ilə bağlı məsələlərin dövlət tərəfindən tənzimlənməsi üsullarını, yəni dərman vasitələrinin dövlət qeydiyyatının, sertifikatlaşdırılmasının və bununla bağlı digər məsələlərin hüquqi əsaslarını müəyyən edir. Diqqət çəkən məqamlardan biri və bəlkə də birincisi dərman vasitələrinin keyfiyyəti, səmərəliyi və təhlükəsizliyi üzərində dövlət nəzarətinin həyata keçirilməsi ilə bağlı müddəalardır. Xüsusi ilə layihənin dərman vasitələrinin istifadəsi nəticəsində insanın sağlamlığına vurulmuş zərərin ödənilməsi ilə bağlı maddəsi dərmanların keyfiyyətinin və onların effektivliyinin yüksəldilməsi nöqteyi-nəzərindən təminat xarakterli bir normadır.
Layihə, ümumilikdə, konseptual baxımdan təqdirəlayiqdir. Layihənin dili, üslub və ifadə tərzi qüsursuzdur. Lakin bununla belə, mən redaktə xarakterli iki kiçik iradımı bildirmək istəyirəm. Belə ki, qanun layihəsinin 1-ci maddəsinin beşinci hissəsinin sonunda, “habelə dərman vasitələri ilə bağlı digər hərəkətlərin edilməsi” sözlərinin yerinə “habelə dərman vasitələri ilə bağlı digər əməliyyatların həyata keçirilməsi” sözlərinin yazılması daha məqsədəuyğun olar.
İkinci irad isə 16-cı maddənin 4-cü bəndi ilə bağlıdır. Həmin bənd qanun layihəsində bu şəkildə yazılıb: “Reklamın təsirini gücləndirmək məqsədi ilə dərman vasitəsini digər dərman vasitələri ilə müqayisə edərək reklam etməyə yol verilmir”. Bəlkə də bu, kiçik bir makina xətasıdır. Lakin burada “dərman vasitəsinin” söz birləşməsində “vasitəsinin” sözü ismin yiyəlik halında işlənib. Bu isə cümlədə bir uyğunsuzluq yaradıb. Həmin söz birləşməsi ismin təsirlik halında işlənərək “dərman vasitəsini” şəklində yazılsa, daha uyğun olar. Bütün bu qeyd etdiklərim, bayaq da dediyim kimi, çox kiçik xətalardır və qanun layihəsinə qətiyyən xələl gətirmir. Hesab edirəm ki, müzakirə etdiyimiz layihə bir az gecikmiş də olsa, çox aktual və vacib bir məsələdir. Mən bu layihənin lehinə səs verəcəyəm və bütün deputat həmkarlarımı layihəyə birinci oxunuşda səs verməyə dəvət edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bir nəfər də danışsın, sonra Elsevər müəllim burada qaldırılan məsələlərə aydınlıq gətirəcək. Ülvi Quliyev.
Ü. Quliyev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli millət vəkilləri! Mən də layihəsi bu gün müzakirəmizə təqdim olunan Dərman vasitələri haqqında Azərbaycan Respublikasının qanununu aktual hesab edirəm. Çox önəmli, lazımlı bir məsələdir. Əlbəttə, geniş müzakirəyə böyük ehtiyac var. Məndən əvvəl çıxış edən bütün həmkarlarımız bu barədə öz fikirlərini söylədilər. Mən də bu barədə bəzi fikirlərimi, təkliflərimi bildirmək istəyərdim. Bayaq müəyyən tənqidlər səsləndi. Təqdirəlayiq məsələləri də qeyd eləmək lazımdır. Son vaxtlar, ümumiyyətlə, müalicə-diaqnostika mərkəzlərinin təməli qoyulur. Regionlarda müəyyən tibbi müəssisələrin, təşkilatların açılması özü təqdirəlayiq haldır. Amma bununla da razılaşmalıyıq ki, respublikada bu sahədə kifayət qədər problemlər var və hələ də öz həllini tapmayıb. Mən bu problemlərin bəzilərinə toxunmaq istəyirəm.
Ən vacib problemlərdən biri bundan ibarətdir ki, dərmanların istər topdan, istərsə də pərakəndə satışı ilə bağlı fəaliyyətdə biznes xarakteri daha üstünlük təşkil eləyir. Yəni buna yanaşma bir az fərqlidir. Buna görə də qeyri-peşəkar insanların bu işdə olması böyük çətinliklər, problemlər yaradır. Ona görə də burada nəzarət çox ciddi olmalıdır ki, qeyri-peşəkar insanların bu sahədə fəaliyyətinə qadağa qoyulsun, tamamilə məhdudlaşdırılsın. Bu hər birimiz üçün çox vacib şərtdir, çünki heç kim həkimə, dərmana müraciətdən sığortalı deyil. Ona görə də biz bu məsələlərə daha ciddi, diqqətlə yanaşmalıyıq.
Dərmanların reklamı ilə bağlı məsələlərə toxunmaq istəyirəm. Burada “ən ucuz, ən keyfiyyətli” sözləri nə dərəcədə düzgündür? Bu məsələləri ciddi nəzarətə götürmək lazımdır və bunlara, doğrudan da, son qoyulmalıdır. Bundan başqa, əvvəllər apteklərin sayı ərazidə əhalinin sayı ilə müəyyənləşdirilirdi, yəni müəyyən kateqoriyalara bölünürdü. 6 kateqoriyada aptek olurdu. Bu apteklər, əsasən, əhalinin sayına görə və mal dövriyyəsinə görə nəzərdə tutulurdu. Amma indi bu işlərə tamamilə fikir verilmir. Lisenziyalar veriləndə bu məsələlər nəzərdə tutulsa, daha məqsədəuyğun olar. Baxırsan ki, bir küçədə 10-15 aptek var. Amma elə ərazilər var ki, orada heç, demək olar, aptek yoxdur. Bu da əhaliyə sağlamlıq, onlara xidmət baxımından, doğrudan da, böyük çətinliklər yaradır. Mən bayaq da qeyd elədim, bu məsələyə biznes nöqteyi-nəzərindən yanaşıldığına görə alverin yaxşı olduğu yerlərdə daha çox apteklər açılır, nəinki əhalinin çox yaşadığı yerlərdə. Bu da ciddi nəzarətə götürülməlidir. Bundan başqa, son vaxtlar səhiyyə sahəsində aparılan islahatlar nəticəsində metrolarda, bloklarda olan apteklər yığışdırılıb.
Qanun layihəsi ilə bağlı mən aşağıdakı fikirlərimi bildirmək istəyirəm. Əlbəttə, indi vaxt məhdudiyyəti olduğuna görə fikirlərin hamısını bildirmək olmur. Yəqin ki, ikinci oxunuşda mən ya yazılı, ya da şifahi şəkildə bu təkliflərimi bildirəcəyəm. Amma ilk növbədə qanunun adı ilə bağlı danışmaq istəyirəm. “Dərman vasitələri haqqında Azərbaycan Respublikasının qanunu” adlanır. Burada təkcə dərman vasitələrindən söhbət getmir. Burada digər tibbi vasitələrdən də söhbət gedir. Ona görə mən təklif edərdım, “Əczaçılıq fəaliyyəti haqqında”, elə əvvəlki adı qalsın, bu, daha məqsədəuyğun olardı. Yəni “əczaçılıq fəaliyyəti” daha geniş məfhumdur.
Bundan başqa, qanun layihəsinin 3-cü maddəsində dərman vasitələri ilə davranış sahəsində dövlət siyasətinin əsas prinsipləri göstərilir. Bunları oxuduqda prinsipdən çox məqsədə bənzətmək olar. Əgər məqsədə bənzəyirsə, elə bunun adını “prinsip” yox, “məqsəd” olması daha məqsədəuyğun olardı. Qanun layihəsinin bəzi maddələrində “farmakopeya”, bəzi maddələrində isə “farmakopeya məqaləsi” gedir. Buna bir açıqlıq gətirilməsini istərdim. Bir yerdə “farmakopeya”, digər yerdə “farmakopeya məqaləsi” yazmaq nə dərəcədə düzgündür? Həmişə “farmakopeya” olub.
Əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı bir təklifim var. Burada lisenziyalaşdırmada təqdim olunan sənədlərin siyahısı verilsəydi və ümumiyyətlə, lisenziyanın verilmə müddəti göstərilməsi daha məqsədəuyğun olardı. Layihədə topdansatış əczaçılıq müəssisəsi haqqında göstərilib. Amma aptek təşkilatları xırdalanmayıb. Yəni “aptek təşkilatları” deyəndə aptek mağazası, aptek köşkü nəzərdə tutulur. Bunların “Əsas anlayışlar”da göstərilməsi çox vacib şərtdir. 13-cü maddə haqqında vaxt məhdudiyyətinə görə...
Sədrlik edən. Ülvi müəllim, təkliflərinizi komissiyaya verərsiniz. Çox sağ olun. Hörmətli deputatlar, mən hesab edirəm ki, biz bu qanun layihəsini birinci oxunuşun tələblərinə müvafiq olaraq kifayət qədər müzakirə elədik. Çox qızğın müzakirələr getdi. Bu da təbiidir, çünki dərman vasitəsi hər ailənin, hər bir vətəndaşın hər gün rastlaşdığı, qəbul etdiyi preparat, vasitədir. Ona görə də müzakirələrin bu cür getməsini də mən təbii qəbul eləyirəm. Burada müxtəlif fikirlər səsləndi. Mən hesab etmirəm ki, Azərbaycanda dərmanlarla bağlı vəziyyət bəzi deputat həmkarlarımın dedikləri qədər acınacaqlıdır. Məsələn, MDB ölkələrində olan statistika ilə Azərbaycanı müqayisə etdim. Sizə tam səmimi deyirəm. Azərbaycanda MDB-yə daxil olan digər dövlətlərə münasibətdə vəziyyət demirəm, lap yaxşıdır, amma nisbətən yaxşıdır. İndi burada Musa müəllim də çıxışında qeyd etdi ki, bu gün dövriyyədə beş mindən çox dərman satılır.
Amma gəlin razılaşaq ki, bu qədər dərmana nəzarəti Səhiyyə Nazirliyi tək həyata keçirə bilməz. Bunu hər bir Azərbaycan vətəndaşı etməlidir, ictimai nəzarət güclü olmalıdır. Bəzən Səhiyyə Nazirliyinin lisenziyası olmadan qanundankənar dərman satırlar. Səhiyyə Nazirliyinin səlahiyyətləri də çox geniş deyil. Ona görə də ictimai nəzarət güclü olmalıdır. Hüquq mühafizə orqanlarının nəzarəti güclü olmalıdır. Yəni elliklə, bütövlüklə bütün cəmiyyət bu cür neqativ hallara qarşı mübarizə aparmalıdır. Bütün deyilən iradlar, təkliflər, suallarla əlaqədar səhiyyə nazirinin müavini Elsevər müəllimə söz verirəm. Buyurun, Elsevər müəllim.
E. Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Çox hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu qanun layihəsini Milli Məclisin müzakirəsinə çıxardığına görə mən Milli Məclisə Səhiyyə Nazirliyinin təşəkkürünü bildirirəm. Xüsusən Sosial siyasət daimi komissiyası, Sosial siyasət şöbəsi bu qanun layihəsinin hazırlanmasında çox aktiv iştirak eləyib. Belə bir qanun qəbul olunmasının vacibliyini bu gün millət vəkilləri müzakirələrdə fəal iştirak etməklə təsdiqlədilər.
Bu gün əczaçılıq bazarında, əczaçılıq sahəsində olduqca böyük problemlərin mövcudluğunu Səhiyyə Nazirliyi də etiraf edir. Ümumiyyətlə, dünyanın inkişaf etmiş ölkələrində də əczaçılığın problemləri 3-5 il ərzində həll olunmur. Bu gün inkişaf etmiş Avropa ölkələrində 3-5 faizə qədər saxta dərman preparatlarının olduğunu etiraf edirlər. İldən-ilə ölkələrdə saxta dərman preparatları haqqında məlumatlar genişlənir. Məsələnin aktuallığı ilə əlaqədar səhiyyə naziri Oqtay Şirəliyev də Milli Məclisin qarşısında çıxış etmək istəyirdi. Ancaq bu gün Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru cənab Con Volkli Azərbaycana rəsmi 2 günlük səfərə gəlibdir. Nazir xahiş etdi ki, onun gələ bilməməsinin səbəbini Milli Məclisə çatdırım.
Burada bir sıra məsələlər vurğulandı. Yəqin ki, qısa müddət ərzində bu sualların hamısına cavab vermək mümkün olmayacaqdır. Bizim özümüzün də bu yeni qanun layihəsinə aid suallarımız var. Söz yox ki, komissiyanın iclaslarında bu iradlarımızı bildirib düzəlişlərimizi edəcəyik. Dərman vasitələri haqqında qanun layihəsi cəmi 5 fəsildən və 19 maddədən ibarətdir. Rusiyanın, Qazaxıstanın qanunları isə daha geniş şərh olunubdur. Qazaxıstan 6 fəsil, 35 maddədən, Rusiya 13 fəsil, 47 maddədən ibarət dərman vasitələri haqqında qanunlar qəbul ediblər.
Burada bir məsələ xüsusən vurğulandı. Azərbaycanda 2600 dərman qeydiyyatdan keçdiyi halda dərman bazarında 5 min adda, bəlkə də daha çox dərman preparatları dövriyyədədir. Bu o demək deyil ki, qeydiyyatdan keçirilən dərmanlardan artıq satılan dərmanlar saxta dərmanlardır. Ümumiyyətlə, 1996-cı ildən bəri ölkədə qeyd olunduğu kimi, 2600 dərman qeydiyyatdan keçməsinə baxmayaraq, dərman bazarında bunların sayı daha çoxdur. Bunun da bir səbəbi ondan ibarətdir ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkələrin əczaçılıq bazarına marağı artmışdır. Dərman preparatlarının ölkədə qeydiyyatı qısa müddətdə həyata keçirilə bilməmişdir. Səhiyyə Nazirliyinin xüsusi razılığı ilə xüsusi dərman preparatlarının ölkəyə idxalına icazə verilibdir.
Düzdür, ölkəyə dərmanlar idxal olunan zaman onların qiymətinə Səhiyyə Nazirliyi, vergi orqanları tərəfindən nəzarət olunmadığına görə dərman preparatlarının qiyməti bəzi hallarda hətta 10 dəfəyə qədər azaldılır. Xaricdən idxal sənədlərində 10 faizə qədər azaldılır ki, bu da əczaçılığın vacib problemlərindəndir. Bu gün dünyanın inkişaf etmiş ölkələrində, qonşu İranda, Türkiyədə belə dərman preparatlarının qiyməti üzərində dövlət nəzarəti vardır. Bu gün bizim Səhiyyə Nazirliyinin dərman preparatları üzərində qiymət nəzarətini həyata keçirməməsinin müəyyən obyektiv səbəbləri vardır. Bu, qonşu Rusiyadan, Ukraynadan, açıq sərhədlərimiz olan ölkələrdən daxil olan dərman preparatlarının çoxluğu və həmin ölkələrdə dərmanların qiymətlərinə dövlət səviyyəsində nəzarətin mümkün olmamasından irəli gəlir.
İndi isə qaldırılan suallara mən cavab verim. Bəli, ikinci, üçüncü oxunuşlarda, qeyd elədiyim kimi, biz öz təkliflərimizi verəcəyik. Birinci oxunuşda konseptual olaraq qanunun qəbul olunub-olunmamasının vacibliyindən söhbət gedir. Komissiyanın iclaslarında bu düzəlişlər, yəqin ki, ediləcəkdir. Qanun layihəsinə əlavə olunası bir sıra məsələlər vardır. Biz hətta istəyirik ki, qanunda cinayət məsuliyyətinə cəlb olunma haqqında da maddə olsun. Dünyanın bir sıra inkişaf etmiş ölkələrində - İngiltərədə, Fransada, Avstriyada, Filippində saxta dərman preparatlarının hazırlanmasına, satışına görə nəinki inzibati cəzalar, hətta cinayət məsuliyyətinə cəlb olunma haqqında maddələr vardır. Söz yox ki, cənab Prezidentin səhiyyəyə göstərdiyi qayğı, diqqət sayəsində dərman preparatlarının təchizatı məsələlərində də müsbət dinamika hiss olunmaqdadır. 3 il ərzində dövlət büdcəsində dərman preparatlarının alınması üçün ayrılan vəsait təxminən 3 dəfə artırılmışdır. Yəni ildə səhiyyənin büdcəsi 35-40 faiz artırıldığı halda dərman preparatları ilə təchizat hər il 100 faiz artırılır.
Sədrlik edən. Elsevər müəllim, çox sağ olun. Bir daha təkrar edirəm, ikinci və üçüncü oxunuşlarda komissiyada, hörmətli Musa müəllim, bu məsələlər geniş müzakirə olunacaq. Amma güman edirəm, heç kimdə şübhə yoxdur ki, konseptual baxımdan bu qanun qəbul olunmalıdır. Etiraz yoxdursa, xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 87
Əleyhinə 3
Bitərəf 2
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, yerlərinizi tutun, hörmətli deputatlar. Gündəliyimizin növbəti məsələsi Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsidir. Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov. Buyurun, Nizami müəllim.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli sədarət, hörmətli millət vəkilləri, əziz qonaqlar! Mədəniyyət məsələləri daimi komissiyası sizin nəzərinizə Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsini təqdim edir. Bizdə müxtəlif sahələr üzrə qanunlar qəbul olunubdur. Teatr haqqında Azərbaycanda indiyə qədər qanun olmayıb. Yəni kinematoqrafiya, muzeylər, kitabxanalar haqqında qanunlarımız var. İndi həmin qanunların nə dərəcədə işlədiyi, nə dərəcədə mükəmməl olduğu ayrı məsələdir. Amma hər halda bu qanunlar mövcuddur. Teatr haqqında, ümumiyyətlə, qanunumuz yoxdur.
Birinci, bu zəruriyyət ondan irəli gəlir ki, biz sənətin populyar, kütləvi, professional sahəsi barəsində ayrıca qanun qəbul edək. İkinci, bu zəruriyyət ondan irəli gəlir ki, Azərbaycanın çox zəngin teatr tarixi və teatr potensialı var. Azərbaycandan başqa Şərq ölkələrinin heç birində bu qədər zəngin teatr tarixi, düşüncəsi, imkanları olmayıb. Azərbaycan bu sahədə yalnız normal və mükəmməl bir tarix yox, həm də professional bir sistem yaradıb. Müxtəlif məktəblər, teatrın diferensial sahələrini verib. Yəni dram teatrından tutmuş opera teatrına qədər, musiqili komediya teatrına qədər, yəni bu sahədə kifayət qədər professional diferensiasiya gedib. Başqa bir tərəfdən teatr sənətinin inkişafı Azərbaycanda çoxlu peşəkarlar yetirib. Çoxlu rejissorlar, aktyorlar, teatr rəssamları, texniki sahənin mütəxəssislərini yetirib. Azərbaycanda bu sahələrdə çoxlu sayda insanlar çalışırlar. Bunlar, sadəcə olaraq, belə deyək ki, - mən məsələyə yalnız sosial problem kimi baxmaq istəməzdim, - həm də professional-sosial bir problem ortaya çıxır. Yəni faktik olaraq, Azərbaycan teatr ziyalısı, teatr sənətinin peşəkarları olan bir məmləkətdir. Burada çox ciddi ictimai münasibətlər, peşəkar münasibətlər ortaya çıxır ki, bu münasibətlər müəyyən qanunla nizamlanmalıdır. Bir də bu, zəruriyyətdən irəli gəlir.
Amma mən bir zəruriyyəti də demək istəyirəm. Elə bilirəm ki, bunun əhəmiyyəti əvvəlkilərdən heç də az deyil. Bilirsiniz ki, Azərbaycanda kinonun, televiziyanın inkişafı öz genezisini, mənşəyini teatrdan götürür. Yəni bu yalnız tarixən belə deyil, hazırda da belədir. Bizim ən görkəmli kino aktyorlarımız, əsasən, teatrda yetişiblər. Televiziyalarımızın xeyli dəyərli işçiləri teatrdan gəlirlər. Yəni bu mənada biz teatrı həm də başqa sahələrin mənbəyi kimi itirə bilmərik. Bütün bu məsələləri nəzərə alaraq ayrıca bir qanunun hazırlanması fikri meydana çıxdı. Vaxtı ilə millət vəkili Amalya Pənahova çıxış etmişdi ki, teatr haqqında ayrıca qanun lazımdır. Teatr Xadimləri İttifaqı bu barədə dəfələrlə öz fikirlərini söylədi və hətta ayrıca bir layihə də hazırlamışdı. Bütün bunları nəzərə alaraq mədəniyyət və turizm nazirinin müavini və teatr sahəsində kifayət qədər ciddi mütəxəssis olan Ədalət Vəliyev bütün peşəkarları yığaraq bir qanun layihəsi hazırladı və Milli Məclisə təqdim etdi. Bu qanun həmin qanunun ya əsasıdır, ya da özüdür. Mən Mədəniyyət Nazirliyinə də təşəkkürümü bildirirəm, onlar bizim müzakirələrdən sonra bir daha qanun layihəsinə baxdılar.
Burada söhbət nədən gedir? Söhbət yalnız qanunun professional tərəflərindən getmir. Burada həm də ciddi texniki tələblər, maliyyə tələbləri var. Dövlət teatrlarının fəaliyyət mexanizmləri var. Bələdiyyə teatrları tamam ayrı mexanizmlərlə işləyə bilərlər. Hələlik bizdə kommersiya və ya xüsusi teatrlar sahəsində ilk addımlar atılır. Biz heç şübhə etmirik ki, bu sahə Azərbaycanda inkişaf eləyəcək. Əgər bütün ictimai fəaliyyət sferalarına sahibkarlıq daxil olursa, buraya da daxil olmalı və burada fərdi maraqlar, fərdi meyillər müəyyən qədər öz yerini tutmalıdır.
Qanunun ideyası əsasında nə dayanır? Dövlətin mədəniyyət siyasətinin tərkib hissəsi olaraq teatr siyasəti necə olmalıdır, hansı prinsiplərlə işləməlidir? Biz və bizim teatr ictimaiyyəti düşünür ki, bəlkə də ən birinci şərt teatr sənətinə dövlət qayğısıdır və teatr sənətini yaşatmaqdır. İstənilən sənət sahəsini də ancaq inkişaf etdirməklə yaşatmaq olar. Yəni, sadəcə, ətalətlə yaşatmaq mümkün deyil. Bizim siyasətimizin başqa bir prioritet sahəsi də var. Xalq hər bir sənətdən olduğu kimi, teatr sənətindən də zövq almaq, istifadə eləmək hüququna malikdir, yəni xalqın bu hüququ təmin olunmalıdır. Nəhayət, bir cəhəti də demək olar. Bütün sənət sahələrində həmişə həm yüksək peşəkarlıq, həm də peşəkarlığa qədərki hazırlıq dövrləri olur. Onlarla peşəkarlar mövcuddurlar və fəaliyyət göstərirlər. Eyni zamanda, xeyli dərəcədə qeyri-peşəkar da olur. Sənətin təbiəti belədir. Sənət sahəsində hamı istedad ola bilməz.
Teatr da kollektiv sənətdir və burada istedadın ortaya çıxması, adətən, professional münasibətlər sferasında mümkündür, yəni zəif yazılmış bir ssenarinin güclü bir rejissorunu təsəvvür etmək çox çətindir. Eləcə də zəif bir rejissorun güclü aktyorlarla hazırladığı bir tamaşanın müvəffəqiyyət qazanacağını da təsəvvür etmək çox çətindir. Yəni burada bir növ qarşılıqlı əlaqələr professionalizmindən bəlkə də daha çox söhbət gedə bilər. Amma bununla yanaşı, bütün sənət sahələrində olduğu kimi, burada da dövlətin mühüm vəzifələrindən biri də istedadı himayə etmək, istedadı qorumaqdır. Dövlət tərəfindən bunun idarə olunması bəlkə də asandır. Amma əgər biz sahibkarlığa, xüsusi fəaliyyət imkanlarına da yer veririksə, onda xeyli məsələlər cəmiyyətin teatral marağına, teatral zövqünə də hesablanır. Yəni cəmiyyət həmin sənət sahəsini nə dərəcədə qəbul eləyirsə, sevirsə, orada professionalizmi qəbul eləyirsə, yüngül texnologiyaların aşiqidirsə, o dərəcədə maraq olacaq. Bu da teatrın, təbii ki, keyfiyyətinə təsir eləyəcək.
Başqa bir cəhətə biz, düzdür, bu qanun layihəsində ciddi fikir verməmişik. Başqa bir məsələ də professionalların hazırlanmasıdır. Bizim bu sahədə də kifayət qədər böyük təcrübəmiz var. Bizim hansı rejissorumuzu, hansı aktyorumuzu dinləsəniz, görəcəksiniz ki, öz müəllimlərindən danışır. Müəllimləri də ya Mehdi Məmmədov və ya Adil İsgəndərov olub. Amma deyək ki, çox zaman həmin müəllimlərdən dərs alanlar öz müəllimlərinin yaratdıqları sənətin səviyyəsinə qalxa bilmirlər. Belə məsələlər də var. Yəni bəzən sənət belədir. Hamı Səməd Vurğundan danışır, amma hələ ki, heç bir Səməd Vurğun yoxdur. Sənətin spesifikası ilə bağlıdır. Qanun istedad yarada bilməz. Bu, təbiidir. Amma biz xalqımızın ən müxtəlif sənət sahələrində, o cümlədən də teatrda istedadlı olduğuna əminik.
Sizə təqdim olunmuş qanun layihəsi kifayət qədər yığcamdır. 7 fəsildən və 29 maddədən ibarətdir. Burada mən əsas ideyadan birini dedim. Dövlət teatrları ilə yanaşı, başqa teatrların da mövcud olması və bu sahədə imkanların açılması nəzərdə tutulur. Qanunun kontekstini təşkil eləyə biləcək bir məsələ də teatr tamaşasının necə idarə olunmasıdır. Teatrı kim idarə eləməlidir? Teatrın inzibati rəhbərimi, baş rejissorumu, quruluşçumu? Yoxsa teatr prodüser tərəfindən idarə olunmalıdır? Bu məsələlərdə bizim qənaətlərimiz o qədər aydın deyil. Burada, əlbəttə, həm millət vəkillərinin, həm də professionalların mülahizələrini dinləyəcəyik. Biz, əsasən, məsələni belə qoymuşuq ki, istənilən tamaşanın taleyini quruluşçusu və prodüser həll eləyir, amma teatrın fəaliyyətinə, tamaşanın gedişinə daxil olan bütün müəllif tərkibi ilə müqavilə əsasında. Yəni prodüser və quruluşçu yalnız müqaviləni poza bilməz. Qalan məsələlərdə onlar kifayət qədər sərbəstdirlər. Bu məsələlər burada əhatə olunubdur.
Bir sıra konkret məsələlər də var. Bu qanun layihəsinin son variantını biz hörmətli Valeh Ələsgərovla bir yerdə müzakirə etmişik. Düzdür, biz müzakirə elədik, bilmədim, o məni daha çox yordu, ya mən onu daha çox yordum? Onunla layihənin texniki tərəflərini, xüsusi ilə maliyyə, texnologiya və sənətlə bağlı tərəflərini bir xeyli müzakirə etdik. Ona görə də sizə verilmiş layihəyə nisbətən bizim müzakirə etdiyimiz layihə daha mükəmməldir. Mükəmməl olmayan bircə elementi sizin nəzərinizə çatdırıram. Bu da “müəllif” anlayışı ilə bağlıdır. Yəni tamaşanın müəllifi kimdir? Əsas aparıcı müəllif olaraq məsuliyyəti kim daşıyır? Amma bizim teatr ənənəmiz var. Bilirik ki, tamaşanın müəllifi həmin tamaşanın rejissorudur. Yəni bu cəhət bizim müəllif barədə təsəvvürlərimizin yaranmasında əsas rol oynayır. Bununla da mənim ilkin olaraq verdiyim məlumat bitir.
Bircə məsələni bizim hörmətli millət vəkillərindən də, mütəxəssislərdən də xahiş etmək istəyirəm. Nəzərə alın ki, bu, layihənin birinci oxunuşudur. Ayrı-ayrı maddələrin müzakirəsini, texniki qüsurların olmasını, xüsusi ilə dil qüsurlarını nəzərə alın. Mədəniyyət məsələləri daimi komissiyası daha çox dilçilərdən ibarətdir. Amma mən əminəm ki, layihədə ən çox dil qüsurları olacaq. Bunları nəzərə almadan, sadəcə, qanunun ideyası və aparıcı məsələlərinə, xahiş edirəm, diqqət yetirəsiniz. Təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Hörmətli deputatlar, qanun layihəsinin müzakirəsinə keçməzdən əvvəl nəzərinizə çatdırmaq istəyirəm ki, bugünkü iclasımızda çox hörmətli teatr xadimləri iştirak edirlər. İcazənizlə, mən onları sizinlə tanış eləyim. Ədalət Vəliyev - Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini. Əliqismət Lalayev - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri. Dilarə İbrahimova - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin şöbə müdiri. Azərpaşa Nemətov - Teatr Xadimləri İttifaqının sədri, Mərahim Fərzəlibəyov - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının baş rejissoru, Mehriban Ələkbərzadə - Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının quruluşçu rejissoru, Amalya xanım Pənahova - Bələdiyyə Teatrının rəhbəri, xalq artisti, İnqilab Kərimov - teatrşünas, akademik, İlham Rəhimli - teatrşünas, professor, Rafiq Sadıqov - Mədəniyyət və İncəsənət Universitetinin prorektoru, Şaban Nəsirov - Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin hüquqşünası. Hörmətli qonaqlar, əgər çıxış eləmək fikrində olsanız, biz sizə böyük məmnuniyyətlə söz verəcəyik. İndi isə müzakirələrə başlayırıq. Jalə xanım Əliyeva, buyurun.
J. Əliyeva. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, dəyərli mədəniyyət və incəsənət xadimləri! 1998-ci ildə qəbul edilmiş “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanunu, ümumiyyətlə, mədəniyyət sahəsində dövlət siyasətinin əsas istiqamət və prinsiplərini müəyyən edir və bütövlükdə mədəniyyət fəaliyyətinin tənzimlənməsi ilə bağlıdır. Lakin həmin qanunda mədəniyyətimizin aparıcı sahələrindən olan teatr fəaliyyəti ilə bağlı məsələlər yetərincə nəzərə alınmayıb. Bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi həmin sahədə mövcud olan boşluğu aradan qaldırmaq, teatr və teatr fəaliyyəti sahəsində dövlət siyasətinin hüquqi əsaslarını yaratmaq, teatrların statusunu müəyyənləşdirmək məqsədi daşıyır.
Bu layihənin özəlliklərindən biri də teatrların statusunun və formalarının müəyyən olunması ilə bağlıdır. Yəni bu layihədə dövlət teatrları ilə yanaşı, bələdiyyə və qeyri-dövlət teatrlarının təşkili və fəaliyyəti ilə bağlı təşkilati, hüquqi mexanizmlər də nəzərdə tutulur. Bu çox vacib məsələdir və belə hesab edirik ki, dövlət bələdiyyə və qeyri-dövlət teatr fəaliyyətini himayə etməli, onların inkişafı üçün lazımi şərait yaratmalıdır. Yalnız bu yolla biz teatr sahəsində mədəni sərvətlərimizin yaradılmasına, artırılmasına, inkişafına nail ola bilərik. Yalnız bu yolla biz teatr fəaliyyətinin xidmətlərindən istifadəni genişləndirə, vətəndaşlarımızın mədəni irsimizdən faydalanmasını təmin edə bilərik.
Qanun layihəsinin qarşısına qoyduğu məqsədlərdən biri və birincisi məhz bu hədəfə çatmaq üçün dövlət siyasətinin prioritet istiqamətlərini müəyyənləşdirməkdən ibarətdir. Bu layihə, Nizami müəllimin də qeyd etdiyi kimi, komissiyamızın iclasında ölkənin tanınmış mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə geniş müzakirə edilib və Milli Məclisdə baxılması tövsiyə olunub. Layihənin konsepsiyası deputat həmkarlarıma aydındır və yuxarıda qeyd edilən məqsədə çatmaq baxımından yetərlidir. İnanıram ki, həmkarlarımız layihənin birinci oxunuşda qəbul edilməsini dəstəkləyəcəklər. Hamınıza diqqətinizə görə minnətdaram. Sağ olun.
Sədrlik edən. Sağ olun, Jalə xanım. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Həqiqətən də, Nizami müəllimin də qeyd etdiyi kimi, çox vacib bir qanundur. Bu sahədə çalışan insanların hüquqlarının tənzimlənməsi üçün bunun bizim tərəfimizdən dəyərləndirilməsi olduqca vacibdir. Mən maddələr üzrə danışmayacağam. Yəqin ki, ikinci oxunuşda bu barədə danışacağıq. Qanun layihəsinin həm məqsədində, həm də prinsiplərində ciddi problemlər var. Bunlar dəqiqləşdirilməlidir. Ümumiyyətlə, teatrdakı problemlərə diqqət yetirmək istəyirəm. Mənim ümumi araşdırmalarıma görə Azərbaycanda təqribən 21 dövlət teatrı var. Mən bələdiyyə və qeyri teatrları nəzərdə tutmuram. Teatrlara dövlət tərəfindən ayrılan dotasiya, əslində, hər birinin ayrı-ayrılıqda mövcud olması üçün nəzərdə tutulur, teatrın, həqiqətən də, səhnə mədəniyyətimizin inkişafına, vətəndaşların zövqünə xidmət etmədiyini göstərir. Məsələn, Gənc Tamaşaçılar Teatrının rus bölməsi var. Musiqili Komediya Teatrının rus bölməsi var, üstəlik Rus Dram teatrı var. Bunları birləşdirmək mümkündürsə, niyə indiyə qədər birləşdirilmir?
Azərbaycanda İrəvan Dövlət Teatrı, Şuşa Dövlət Teatrı, Qazax, Füzuli, Ağdam, Sumqayıt, Mingəçevir, Lənkəran teatrları var. Sovet dövründə hər bölgəyə bir teatr salırdılar. SSRİ qapalı dövlət idi, əhali kənara çıxa bilmirdi, teatra əhalinin başını qatmaq üçün bir mexanizm kimi baxılırdı, sənət kimi baxılmırdı. Hesab edirəm ki, bunları birləşdirib daha mükəmməl, dövlət tərəfindən daha çox dəstəklənən teatr mexanizmini, teatr modellərini ortaya çıxarmaq vacibdir. Burada teatrlara dövlət qayğısından söhbət edilir. Dövlət qayğısı nədən ibarət olmalıdır?
Birinci növbədə, teatra sponsorluq məsələsi üzərində dayanmaq lazımdır. Teatra sponsorluq edən iş adamlarının, yaxud da ayrı-ayrı şəxslərin vergilərdən imtiyazlı şərtlərlə azad edilməsi, müəyyən güzəştlərin nəzərdə tutulması olduqca vacibdir. Moskvada bunu tətbiq eləyiblər, teatr işçiləri çox yüksək maaş alır və yaxşı da fəaliyyət göstərirlər. Ancaq Azərbaycanda minimum əmək haqqı 150 min manatdırsa, bir artist 170 min manat alır, tələbə təqaüdü isə 250 min manatdır. Hətta tələbə təqaüdündən az maaş alır. Bir rejissor 220 min manat alırsa, heç vaxt yaxşı teatr mühiti yaratmaqda maraqlı olmayacaq. Ona görə də bu məsələlərə diqqətlə yanaşmaq lazımdır. Bəzi artistlərə, xalq artistlərinə, teatr xadimlərinə Prezident təqaüdü verilir. Onlara dövlət tərəfindən adlar verilir, adlara görə müəyyən məbləğdə vəsait alırlar. Bunu etmək lazımdır. Amma əksər gənc rejissorlar, artistlər, demək olar ki, səfalət içindədirlər, səfalət bataqlığında sıradan çıxırlar. Burada da göstərdiyimiz istedada dövlət qayğısı aid olunmur.
Teatrların yaşaması üçün müqavilə sistemi yalnız direktorluq tərəfindən qurula bilməz, çünki şəxsi münasibətlər elə səviyyədədir ki, sənətkarların bir çoxu bu vəziyyətdə işsiz qalacaqlar. Türkiyədə bunun bir nümunəsi var, direktorlar şurası yaradılır və direktorlar şurası başqa üslubda kastinq sistemi ilə truppalar yaradırlar. Bunun da nəticəsində ola bilər ki, Azərbaycanda rayon teatrları ləğv olunsun. Bunların yerinə həmin truppalar vasitəsi ilə rayon teatrında tutaq ki, Lənkəran Teatrının binasında bir illik iş rejimi yaradılmaqla tamaşa oynanılırsa, sonra Gəncədə eyni kastinq sisteminə uyğun olaraq hazırlanmış başqa tamaşa ilə yerlərini dəyişirlər. Bu zaman artıq teatr binalarının da sayına uyğun tamaşalar nəzərdə tutulur və ayrı-ayrı truppalarla ayrı-ayrı şəhərlərdə bu tamaşaları oynayırlar.
Siz baxın, Akademik Dram Teatrının repertuarında 10 ildir, eyni tamaşa səhnədən düşmür. Tamaşaçı bir tamaşaya 10 dəfə baxmağa məcbur edilir. Bu, olduqca ziyanlı bir şeydir. Dramaturji istedadı olmayan bir çox məmurlar teatrları öz yaradıcılıq emalatxanalarına çevirirlər. Ən təhlükəli hallardan biri budur. Biz qanunu qəbul eləyəndə elə mexanizm tapmalıyıq ki, istedada milli sərvət kimi yanaşılması təmin edilsin. Düzdür, bu, qüsurlu ifadədir, amma, həqiqətən, cavan rejissorların, aktyorların inkişafı üçün şərait yaratmaq lazımdır. İkinci oxunuşda mən maddələr üzrə öz qeydlərimi bildirəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli sədarət. Bu qanun, həqiqətən də, vacibdir və burada hörmətli Nizami Cəfərov bu qanunun vacibliyi, taktiki və strateji vəzifələri ilə bağlı çox geniş, ətraflı məlumat verdi. Mən bir neçə məqamın üzərində dayanmaq istəyirəm.
Təbii ki, teatr çox qədim sənətdir. Teatrın tarixi çox uzaq dövrlərə gedir, o cümlədən Azərbaycan teatrının da tarixi çox qədimdir. Düzdür, Azərbaycanda klassik teatr XIX əsrdə yaranıb. Burada hörmətli teatrşünaslarımız, alimlərimiz iştirak edirlər. Onların əsərlərində də göstərilir ki, lap qədimdən Azərbaycanda teatr sənətinin müxtəlif formaları mövcud olubdur. Bu qanunun məqsədi teatrların inkişafına təkan vermək, teatr sənətinin inkişafına yardım göstərməkdir. Qanun layihəsinin maddələri də buna yönəlibdir.
Ümumiyyətlə, kinonun meydana gəlməsindən, xüsusi ilə videonun ortaya çıxmasından sonra teatrların böhran keçirdiyi haqqında çox böyük yazılar gedirdi, həyəcan təbili çalınırdı. Amma indi biz görürük ki, Qərbi Avropa ölkələrində, Rusiyada, digər yerlərdə baxmayaraq ki, kinofilmlər, videolar var, müxtəlif vasitələrlə insanlar ev şəraitində istədikləri tamaşalara baxa bilərlər, amma teatrların rolu və mövqeyi getdikcə artmaqdadır. Teatrın ən böyük üstünlüyü ondadır ki, aktyor filmdə səhvini düzəldə bilməz. Bunun üçün film təzədən çəkilməlidir və ya başqa filmdə aktyor öz ampluasını nümayiş etdirə bilər. Amma teatrda aktyor özünü təkmilləşdirir, püxtələşdirir. Ona görə də bütün sənət sahələri ilə müqayisədə həm rejissor sənətinin inkişafı, həm də aktyorların püxtələşməsi baxımından teatr əvəzolunmaz bir yerdir.
Ölkənin müxtəlif göstəriciləri var və hər bir dövlətin də ən böyük göstəricilərindən biri onun mədəniyyətidir. Mən deyərdim ki, mədəniyyətin də şah qollarından biri teatrdır. Bu gün Azərbaycana xaricdən bir qonaq gəlirsə, biz ona nəyisə göstərmək istəyiriksə, ilk öncə onu teatrımıza aparmaq istəyirik. Orada tamaşaya baxmasını istəyirik və sair. Bu baxımdan biz teatrımıza, həqiqətən də, ciddi köməklik göstərəcək bir qanun qəbul eləməliyik. Bu, qanun layihəsinin birinci oxunuşu olduğuna görə mən maddələr üzərində dayanmayacağam. Amma konseptual baxımdan bir neçə məsələ üzərində dayanaraq fikrimi cəmləşdirmək istəyirəm.
Ən başlıcası burada maddi dəstəkdən söhbət gedir. İlk növbədə biz teatrlara həqiqi mənada dövlət yardımını, qayğısını artırmalıyıq. Bununla bağlı teatr sənəti ilə məşğul olan insanların sosial təminatını yaxşılaşdırmalıyıq. Bu yöndə, əlbəttə, işlər gedir və qanun layihəsində də belə müddəalar var. Amma mən hesab edirəm, bunlar yetərli deyildir. Biz bunu daha da artırmalıyıq. Xüsusi ilə teatrların fəaliyyəti ilə bağlı. Onların müxtəlif vergilərdən azad olunması məsələsi konkret şəkildə öz həllini tapmalıdır. Eyni zamanda, teatrlara hər hansı iş adamı, şirkət yardımlar göstərirsə, onlar da həmin vergilərdən azad olunmalıdırlar. Yəni burada bir həvəsləndirmə olmalıdır. Dövlət tərəfindən teatrlara yardım elə səviyyədə olmalıdır ki, həmin teatr həm fəaliyyət göstərə, həm gözəl tamaşalar hazırlaya, həm də yeni sənət nümunələri yarada bilsin. Yarımçıq olmamalıdır. Bu yardım konkret, ardıcıl şəkildə olmalıdır.
Bəzi teatrlar bir neçə yerə bölünübdür. Bu da çox doğru yoldur. Bu, eyni zamanda, rəqabət mühiti yaratmağa da imkan verəcəkdir. Teatrların idarə olunması məsələsinə də çox ciddi yanaşılmalıdır. Burada konkurs sistemi tətbiq olunmalıdır. Burada hansısa volyuntarizm hallarına yol verilməməlidir. Digər tərəfdən siz bilirsiniz ki, Azərbaycanda teatr üzrə mütəxəssislər hazırlayan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti vardır. Həmin universitetin Tədris teatrı da vardır. Bu qanunda, eyni zamanda, kadr hazırlığı məsələsi ilə bərabər Tədris teatrı və onun fəaliyyəti də hansısa formada öz əksini tapmalıdır. Birinci oxunuş üçün qanun layihəsi yararlıdır, yetərlidir. Bəzi prinsipial məsələlər var ki, onları bir daha diqqətdən keçirdikdən sonra biz ikinci oxunuşda bu qanun layihəsini maddə-maddə müzakirə edərək öz fikirlərimizi çatdırmaqla bunu daha da təkmilləşdirə bilərik. Hesab edirəm ki, biz dəvət olunan mütəxəssislərin bu yöndə fikirlərini dinləməliyik və onların da fikirləri qəti şəkildə nəzərə alınmalıdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Tahir Rzayev.
T. Rzayev. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli incəsənət xadimləri! Biz teatrı, teatr fəaliyyətini mədəniyyətimizin, mənəviyyatımızın tərkib hissəsi adlandırsaq, səhv etmərik. Elə bilirəm ki, incəsənətin, xüsusi ilə teatr sənətinin yaşı qədimdir. Məhz buna görə də inkişaf etmiş ölkələr, eləcə də xalqlar daim öz mədəniyyəti, teatr sənətləri ilə fəxr etmiş və bu gün də fəxr edirlər. Mən bu ölkələr sırasına Azərbaycanı da daxil edərdim, çünki Azərbaycan xalqı daim özünün ədəbiyyatı, tarixi, adət-ənənələri ilə fəxr etdiyi kimi, həm də öz mədəniyyəti, eləcə də teatr sənəti ilə seçilmiş, tanınmış, fəxr etmişdir. Dünya mədəniyyətinə Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Bülbül, Rəşid Behbudov, Mehdi Məmmədov, Hüseynqulu Sarabski, Mərziyə xanım Davudova, Adil İsgəndərov kimi neçə-neçə incəsənət xadimi, dahi şəxsiyyətlər bəxş edən Azərbaycan xalqının öz sənəti ilə oyünməyə haqqı var. Son illər, həmkarlarım çox düzgün qeyd elədilər, Azərbaycan mədəniyyətinin inkişafı sahəsində çox mühüm addımlar atılıb. Biz mədəniyyət işçilərinə fəxri adların, təltiflərin verilməsini, onlara Prezident təqaüdlərinin təsis olunmasını, eləcə də xarici ölkələrdə Azərbaycan mədəniyyəti günlərinin müntəzəm olaraq keçirilməsini, Azərbaycan muğamına göstərilən qayğını bu siyahıya daxil edə bilərik.
Bu gün bizə təqdim edilən Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsi, sözsüz ki, Azərbaycan mədəniyyətinin inkişafına, xüsusi ilə də teatr sənətinin təşəkkül tapmasına yönəldilmişdir. Qanun layihəsi, demək istərdim ki, yüksək səviyyədə hazırlanıb, birinci oxunuşun tələblərinə cavab verir, komissiyanın işi təqdirəlayiqdir. Layihədə dövlət siyasətinin əsas prinsiplərinin, bədii yaradıcılıq sahəsində teatrların hüquqlarının, teatr işçilərinin sosial müdafiələrinin əsaslandırılması qanunun ali məqsədlərə xidmət etdiyindən xəbər verir.
Bu gün Azərbaycanda regionların inkişafı sahəsində çox böyük tədbirlər görülür. Mən elə bilirəm ki, bizim əvvəllər regionlarda sanballı teatrlarımız olub. Burada millət vəkilləri adlarını çəkdilər, Ağdam, Gəncə, Sumqayıt, Lənkəran teatrlarının çox böyük ənənələri olub. Həmin teatrlar Azərbaycan sənətinə çox görkəmli xadimlər veriblər. Elə bilirəm ki, qanun layihəsinin tətbiqi regionlarda da teatrların inkişafına çox mühüm töhfə verəcək. Bunlar qanun layihəsində də nəzərdə tutulub. Elə bilirəm ki, bu qanun çox ali məqsədlərə xidmət edəcək. İlk növbədə bizim teatr, incəsənət işçilərinin sosial müdafiəsi qanun layihəsində göstərilib. Sözsüz ki, bu gün teatr işçilərinin əmək haqqı aşağıdır. Elə bilirəm, bu qanunun tətbiqi gələcəkdə onların sosial müdafiəsinin güclənməsinə xidmət edəcək. Etiraf etmək lazımdır ki, bizim teatrların bu gün maddi-texniki bazası aşağıdır. Bir çox müasir sənət əsərlərinin səhnəyə qoyulmasında, səhnələşdirilməsində müəyyən texnologiyalar, avadanlıqlar çatışmır. Elə bilirəm ki, bu qanunun tətbiqi ilə belə hallar aradan qaldırılacaq. Teatr sənəti sahəsində kadrların hazırlanması üçün, elə bilirəm, bu qanun böyük təkan verəcək. Mən qanun layihəsinin birinci oxunuşu üçün təkliflərimi dedim. Sözsüz ki, mən bu qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm. Mən istərdim, qonaqlarımız da danışsınlar. İlham müəllim, buyurun.
İ. Rəhimli, Azərbycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin professoru, teatrşünas.
Hörmətli sədarət, möhtərəm millət vəkilləri, əziz həmkarlar! Azərbaycan peşəkar teatrı 1873-cü ildə təşəkkül tapıb. 1893-cü il oktyabr ayının 24-nə qədər ayrı-ayrı truppalar şəklində fəaliyyət göstərib. 1919-cu ildə dövlət statusu alıb, 1920-ci il iyun ayının 1-də yenidən Xalq Komissarları Sovetinin fərmanı ilə bütün teatrlar milliləşdirilib. Lakin 130 ili adlayan bu dövrdə Azərbaycanda teatr haqqında qanun olmayıb. Bu qanun layihəsinin müzakirəyə çıxarılmasını böyük hadisə kimi qiymətləndirirəm. Mənə elə gəlir ki, Azərbaycan Respublikasının ən müxtəlif sahələrdə dünya səviyyəsində özünü təsdiqləməsi və dünya evinə ləyaqətlə, şərəflə daxil olması istiqamətində bu qanunun qəbul olunması böyük hadisə kimi dəyərlidir. Bununla bərabər mən müəyyən tezislərimi diqqətinizə çatdırmaq istəyirəm.
Birinci, Yer üzündə mütləq, doqma qanun yoxdur. Bütün qanunlar zamana istinadən yaradılır, formalaşır, işlək mexanizmini yerinə yetirir və müəyyən müddətdən sonra dəyişikliklərə məruz qalır. Bu baxımdan mən qanunun keçid dövrü üçün nəzərdə tutulduğunu və həmin istiqamətdə maksimum dəyərli cəhdlər edildiyini qiymətləndirmək istəyərdim. İkinci, müzakirə olunan qanun layihəsi Azərbaycan səhnə sənətini sistemli böhrandan xilas üçün nəzərdə tutulub. Unutmayaq ki, Azərbaycan mədəniyyəti böhranda deyil, Azərbaycan səhnə sənəti sistemli böhrandadır. Mənə elə gəlir ki, qanun işlək bir sistem yaradılmasına yönəldiləcəkdir. Bu sistemə doğru yön alandan sonra müəyyən mətləblər və məsələlər özünün bədii təsdiqini tapacaq.
Azərbaycanın dövlət və siyasi quruluşunu nəzərə alaraq dövlət və teatr münasibətlərinə də ayrıca yer ayrılıb. Mən əminəm ki, dövlət və teatr münasibətləri qanunda aydın, sərt, dəqiq təsbit olunmalıdır. Üçüncü, Azərbaycan siyasi-iqtisadi formasiyası bazar iqtisadiyyatını nəzərə almaqla ən müxtəlif sahələrdə böyük işlər görür, qanunlar qəbul eləyir, mübahisələr olur və sair. Mənə elə gəlir ki, bu qanun bazar iqtisadiyyatının anlayışları, üsulları və mexanizmlərini ciddi nəzərə almaq çərçivəsində özünün işlək mexanizmini müəyyənləşdirməlidir. Dördüncü, Konstitusiyamıza görə, Azərbaycan dövləti hüquqi dövlətdir. Deməli, teatr sənətinin istehsalında və istismarında istisnasız olaraq bütün münasibətlər özünün hüquqi təcəssümünü tapmalıdır. Bu baxımdan, mənə elə gəlir ki, müəyyən dəyişikliklər, düzəlişlər edilməklə Azərbaycanın hüquqi dövlətinin tərkib hissəsi kimi bu münasibətləri də tənzimləmək üçün zəmin yaranacaqdır. Beşinci, Azərbaycan milli mədəniyyətinin, o cümlədən xalq teatrının dünya səviyyəsində özəllikləri var. Məsələn, Azərbaycandakı eradan əvvəlki oyunlar, sonrakı dövrlərdə şəbihlər, qodu-qodu, hopta, məsxərə, məzhəkələr dünya teatr prosesinə çox güclü təsir göstəriblər. Hətta yunan alimləri bu gün etiraf eləyirlər ki, Yunanıstana Dionis bayramı ilə bağlı xalq oyunları ön Asiyadan, deməli, o cümlədən Azərbaycandan keçib.
Təkcə XIX əsrdə Rusiyada Meyerxold, Polşada Eje Qratelski, İngiltərədə Piter Bruq kimi görkəmli sənət dühaları Şərq, o cümlədən Azərbaycan xalq teatrının milli poetika səciyyələrinə arxalanaraq özlərinin yeni sənət sistemini yaradıblar. Çox təəssüflər olsun ki, Azərbaycan milli xalq oyunlarının özəllikləri bu qanun layihəsində öz təcəssümünü tapmayıb. Arzu edərdim ki, buna diqqət yetirilsin. Altıncı, biz bilirik ki, istədik, istəmədik, Azərbaycanda müsəlman daha çoxdur, hətta bəzi dövlətlər bizi müsəlman dövləti kimi də dəyərləndirir. Bu da danılmazdır ki, Azərbaycan İslam mədəniyyətinin və mənəviyyatının kontekstində çox böyük yaradıcılıq nailiyyətləri və çox böyük mənəvi sərvətlər toplayıbdır, lakin bu qanun layihəsində İslam dininə münasibət və teatr sənəti haqqında bir kəlmə də yoxdur. Tutaq ki, kimsə Məhəmməd Peyğəmbər (s), Həzrət Əli (s) və başqa din adamları haqqında tamaşa hazırlamaq istəyirsə, hansı qanuna söykənməlidir, kim buna icazə verməlidir? Mənə elə gəlir ki, bu məsələ qanunda öz təcəssümünü tapmalıdır.
Yeddinci, biz bilirik ki, keçid dövründə yaşayırıq, bunu dəfələrlə demişik və keçid dövründə cəmiyyətimiz, o cümlədən mədəniyyət, teatr sənəti siyasiləşib. Lakin bu siyasiləşmədə xoşagələn cəhət ondan ibarətdir ki, Azərbaycanda bütün sahələrdə insan hüquqları öndə durur. Yəni bu, dövlətin, ölkə Prezidentinin siyasətidir, Milli Məclisin tutduğu platformadır, bütövlükdə dövlətin həyata keçirdiyi siyasətdir. Lakin nə bələdiyyə teatrında, nə də dövlət teatrlarının fəaliyyətində siyasiləşməyə münasibət qanun layihəsində öz təcəssümünü tapıb. Yəni arzu eləyərdim ki, bələdiyyə teatrlarının, dövlət teatrlarının statusunda siyasiləşməyə münasibət özünün bədii həllini, təsdiqini tapaydı. Yəni teatrın siyasi mübarizə meydanına çevrilməkdən qorumaq hüququ normativlərə və hüquqi normalara əsaslanmalı, hüquqi normalar əsasında qanun çərçivəsində təsdiqini, təsbitini və təsvirini tapmalıdır.
Səkkizinci, qanun layihəsinin 4-cü maddəsinə diqqətinizi cəlb etmək istərdim. Bu maddə belə adlanır: “Teatr, teatr və teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri”. Mənə elə gəlir ki, qanun layihəsinin 4-cü maddəsi konsepsiya şəklində nəzəri prinsiplər əsasında fəlsəfi, psixoloji qənaətlərə istinadən qanun layihəsinin preambulasında öz bədii təsdiqini tapmalıdır. Əgər burada özünün bədii təsdiqini tapacaqsa, bütöv şəkildə bizim dövlətin siyasətini ehtiva eləmiş olacaq. 4-cü maddədə Mədəniyyət Nazirliyinə aid olan müəyyən mətləblər var. 4-cü maddədəki mücərrəd və qaranlıq tərəflərə aydınlıq gətirilməlidir. Yəni həmin maddədə kifayət qədər mücərrəd və qaranlıq mətləblər var. Bu qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyinin təklifləri əsasında işlənmişdir. Çox gözəl haldır ki, qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyinin müəyyənləşdirdiyi konseptual platformaya əsaslanır, mən bunu yüksək qiymətləndirirəm. Hörmətli nazirin, onun komandasının televiziya vasitəsi ilə çıxışlarına baxdım, məntiqlidir, aydındır, fundamental şəkildə prinsipləri tapır. Bu baxımdan Teatr Xadimləri İttifaqının təqdim etdiyi variantla Mədəniyyət və Turizm Nazirliyinin təqdim etdiyi variantın qoşa verilməsi, mənə elə gəlir ki, çox yaxşıdır, dəyərli hallar var, ümumən, millət vəkilləri öz sözlərini deyəcəklər.
Mən bir məsələyə də toxunmaq istəyirəm. Mətbuatımızda bu məsələlərlə bağlı müəyyən təzadlı fikirlər ortaya çıxır. Mədəniyyət və incəsənət xadimlərimiz öz fikirlərini də söyləyirlər. Lakin bu fikirlərin əksəriyyətində məni rahatsız edən səbəb də odur ki, söhbət qanuna münasibətdən getmir, istəklərdən gedir. Mənə elə gəlir ki, Milli Məclis ikinci oxunuşdan sonra bu qanunu qəbul eləyib təsdiqləyəcəksə, bu qanunun əsasında Mədəniyyət və Turizm Nazirliyində mövcud əsasnamələr hazırlanacaq. Mövcud problemləri həmin əsasnamələr çox asanlıqla, hüquqi normativlərlə həyata keçirəcək və aradan qaldıracaq. Mən bir daha nəzərinizə çatdırıram, fikrim ondan ibarətdir ki, bu qanun layihəsinin müzakirəyə çıxarılması Azərbaycan milli mədəniyyətində böyük hadisədir. Qanun layihəsini hazırlayanlara, onun üzərində işləyənlərə öz təşəkkürümü bildirirəm və müəyyən ifadə, üslub iradlarımı isə əl yazımda komissiyaya təqdim edəcəyəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Teatr və teatr fəaliyyəti haqqında qanun çox mühüm siyasi, ictimai, mənəvi, iqtisadi, sosial yük daşıyır, ona görə də bunun müzakirəyə çıxarılması çox vacib hadisədir. Eyni zamanda, teatrın indiki vəziyyəti, ümumiyyətlə, teatr fəaliyyəti ətrafında yaranmış vəziyyət tələb eləyir ki, biz kifayət qədər mühüm qanunu mükəmməl şəkildə qəbul eləyək, bu nöqteyi-nəzərdən bir sıra konseptual xarakterli məqamlara diqqət yetirməyi vacib hesab edirəm.
Birinci, bu qanun dövlətin teatr siyasətinin hüquqi əsaslarını müəyyənləşdirməklə yanaşı, eyni zamanda, dövlətlə teatr, teatr xadimləri, teatrla tamaşaçılar arasında münasibətləri, bu qanun layihəsində göstərildiyi kimi yox, kifayət qədər aydın şəkildə ortaya qoymalıdır. Hesab edirəm ki, bu, qanunun əsas şərtlərindən birini təşkil eləməlidir və ikinci oxunuşa qədər həmin məsələyə aydınlıq gətirilməsi mühüm əhəmiyyət kəsb edir. Burada mütəxəssis çıxışı mənim qeyd elədiyim bir məqamı da nəzərə çatdırmağa əsas verdi. Doğrudan da, biz qanun layihəsinin preambula hissəsinə baxdıqda görürük ki, burada deyilən məqamlar, mütəxəssisin çıxışı belə fikir söyləməyə əsas verir ki, məhz preambula hissəsi dolğunlaşdılrılmalı və zənginləşdirilməli, eyni zamanda, teatr fəaliyyəti barəsində dövlət siyasətinin əsas prinsipləri də burada öz əksini tapmalıdır.
Növbəti mühüm əhəmiyyət kəsb edən məsələ, hesab edirəm ki, burada bir sıra mütərəqqi məqamların öz əksini tapmasıdır. Hər şeydən əvvəl burada innovasiya fəaliyyəti ilə bağlı məsələlər mühüm əhəmiyyət kəsb edir. Teatra dövlət qayğısının artırılması, müqavilə münasibətləri və digər bu kimi mütərəqqi məqamları inkişaf etdirməyə ehtiyac var. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, layihə ikinci oxunuşa çıxarılana qədər bir sıra məsələlərə də aydınlıq gətirilməsinə ehtiyac var. Bu, xüsusən “Əsas müddəalar”a aiddir. 1-ci maddədə teatr tamaşası, kommersiya teatrı, dövlət teatrı, qeyri-kommersiya teatrı anlayışlarına yenidən baxılmasına böyük ehtiyac var. Burada xeyli dərəcədə, hesab edirəm ki, qeyri-dəqiqlik, yaxud da həmin məfhumların mahiyyətinin açılmaması açıq-aydın özünü əks etdirir.
Ciddi məsələlərdən biri də, hesab edirəm, teatrların vəziyyəti ilə bağlıdır. Əgər söhbət Azərbaycan teatrını düşdüyü vəziyyətdən çıxarmaq, onun fəaliyyətinin səmərəliliyini artırmaqdan gedirsə, artıq burada dövlətin təminat verdiyi minimum dəstəkdən gedə bilməz. Düzdür, bu gün teatr sahəsində çalışanların əmək haqları minimum istehlak büdcəsindən aşağıdır. Əlbəttə, bu istiqamətdə ciddi işlərin aparılmasına ehtiyac var. Amma burada bilavasitə teatr işçilərinin sosial müdafiəsindən danışanda minimum tələbatlardan söhbət gedir. Hesab edirəm ki, burada minimum yox, heç olmasa, teatrın düşdüyü vəziyyətdən çıxarılması üçün teatra ciddi dövlət dəstəyinin olmasına böyük ehtiyac var.
Növbəti ciddi məsələ görkəmli teatr xadimlərinin müxtəlif cür stimullaşdırılması, onlara təqaüdlərin və sair verilməsi ilə bağlıdır. İstedad milli sərvət hesab olunursa, təkcə görkəmli xadimlərdən söhbət getməməlidir, həm də gənc istedadlı xadimlərin önə çıxması üçün bu qanun hüquqi əsas yaratmalıdır. Bu istiqamətdə də mühüm əhəmiyyət kəsb edən məqamlar qanunda öz əksini tapmalıdır.
Növbəti məsələ müxtəlif kateqoriyalı teatrlarda çalışanların əmək haqlarına əlavələr haqqındadır. Həmin əlavələr 50, 40 faiz müəyyən edilir və birdən 20 faizə enir. Heç olmasa, sinxronlaşmış formada axırıncının 30 faiz olmasını məqsədəuyğun hesab edirəm. Həm də hesab edirəm ki, ümumiyyətlə, teatr işinin səmərəliliyini artırmaqdan ötrü bunu Gənc Tamaşaçılar Teatrının timsalında açıq formada görmək olar. Kifayət qədər istedadlı xadimlər orada fəaliyyət göstərirlər. Gənc istedadlar var, amma vəsaitin olmaması, ümumiyyətlə, həmin teatra diqqətin az olması orada tamaşaların keyfiyyətinin aşağı olmasına gətirib çıxarır. Bu nöqteyi-nəzərdən ən ciddi məsələlərdən biri kimi teatrın maddi-texniki bazasının möhkəmləndirilməsinə dövlət qayğısının artırılması məsələsinə diqqətin verilməsini məqsədəuyğun hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bahar xanım Muradova.
B. Muradova. Təşəkkür edirəm. Mən burada səslənən mütəxəssis fikirlərini və hər zaman hörmət etdiyim teatr xadimlərinin fikirlərini, istək və arzularını da təbii qəbul edirəm. Təsadüfi deyil ki, İlham müəllim mətbuatda gedən müzakirələrin çoxunun qanunla əlaqəsi olmadığını və bunların istək və arzular olduğunu söylədi. Biz də bilirik ki, həmin sahənin insanlarının, doğrudan da, bu qanunun qəbulu və onun icrası ilə bağlı çox böyük istək və arzuları var. Amma bu istək və arzular ictimaiyyətin istək və arzuları ilə üst-üstə düşürmü, yaxud bu istək və arzuların reallaşması mövcud iqtisadi imkanlar çərçivəsində nə dərəcədə mümkündür? Mən hesab edirəm ki, bütün bu parametrləri nəzərə alaraq fikirlərimizi bildirməliyik. Amma söylənilən fikirlərə qoşularaq onu da demək istəyirəm ki, bir millətin, bir xalqın əsrlərlə mənəviyyatının tərkib hissəsini, mədəniyyətinin əsas qolunu təşkil edən teatr tamaşalarına, teatr yaradıcılarının işinə çox böyük diqqət yetirilməlidir. Dövlət siyasətinin mahiyyəti ona himayə göstərmək və daim diqqət mərkəzində saxlamaq olmalıdır.
Azərbaycan dövləti, hesab edirəm ki, bu istiqamətdə fəaliyyətini daha da genişləndirmək imkanlarını yavaş-yavaş əldə edir və həmin imkanlar daha da genişləndikcə, hesab edirəm ki, biz bölgələrdə fəaliyyət göstərən teatrlarımızı ləğv etmək yox, onları daha yaxşı təmin etmək istiqamətində addımlar ata biləcəyik. Çünki əgər bu gün İrəvan adı İrəvan teatrında yaşayırsa, bu gün Füzuli adı Füzuli teatrında yaşayırsa, Şuşa adı Şuşa teatrında yaşayırsa, biz insanları bundan da məhrum edə bilmərik. Buna daha artıq diqqət göstərməliyik. Mən sizi əmin edirəm ki, Azərbaycan xalqının həm İrəvanda, həm də Qarabağda rastlaşdığı, üzləşdiyi faciələri özündə əks etdirən tamaşaları ən yaxşı oynayan məhz bu teatrların nümayəndələri olacaqlar. Ona görə buna daha artıq diqqət və qayğı göstərilməlidir. Həm bölgələrdə, həm də mərkəzdə fəaliyyət göstərən teatr xadimlərinə bərabər şəkildə diqqət və qayğı göstərilməlidir.
Təbiidir ki, hazırda bu teatrlar özlərinin acı, köçkün və didərgin talelərini, maddi çətinlik içərisində olan talelərini yaşamaqdadırlar və ancaq bu, təkcə dövlətin işi olmamalıdır. Mən hesab edirəm ki, bu gün kifayət qədər inkişaf tapmış iş adamları, çox böyük kompaniyalar, iri firmalar Azərbaycanda fəaliyyət göstərdikləri üçün məhz Azərbaycanın təbii sərvətlərindən, müasir ictimai-siyasi münasibətlər zəminində yaranan imkanlardan istifadə edərək böyük sərvətlər əldə etdikləri kimi, Azərbaycanın başlıca milli sərvətləri sırasında olan teatra, mədəniyyətə diqqət, qayğı göstərmək və sponsorluğu da öz üzərlərinə götürməlidirlər. Azərbaycan cəmiyyəti, mətbuat bu məsələni diqqətdə saxlamalıdır. Bütün tələbat dövlətdən yox, eləcə də cəmiyyətdən olmalıdır, çünki teatr, mədəniyyət bütövlükdə xalqındır. Xalqın, millətin və imkanlı şəxslərin diqqətini tələb edir.
Burada səsləndi ki, teatra xeyriyyə xidmətləri göstərən firmalara və şirkətlərə güzəştlər edilsin. Mən hesab edirəm ki, təkcə teatra yox, yaradıcı sahələrə xeyriyyəçilik fəaliyyətini göstərməyi Azərbaycan qanunları, Azərbaycan cəmiyyəti stimullaşdırmalıdır. Mənə elə gəlir, biz xeyriyyəçilik haqqında qanun qəbul etməliyik ki, bu sahədə olan nizamsızlıq aradan qaldırılsın və biz imkanlı, hüquqi və fiziki şəxsləri xeyriyyəçilik, o cümlədən teatra qayğı və diqqət göstərməyə stimullaşdıra bilək.
Mən bir məsələyə də münasibətimi bildirmək istəyirəm. Burada Nizami müəllim qanun layihəsini təqdim edərkən belə bir fikir səsləndirdi ki, Azərbaycanda bugünkü teatr xadimləri daha çox öz müəllimlərinə istinad edirlər və ən qabaqcıl şəxslər kimi onların adlarını çəkirlər. Onun sözündən belə çıxdı ki, həmin xadimlər öz müəllimlərinin səviyyəsinə çatmayıblar. Nizami müəllim, icazə verin, mən Sizinlə razı olmadığımı bildirim. Bu belə deyil. Bizim teatr xadimləri qəlblərinin, müəllimlərə hörmətlərinin böyüklüyündən bu fikri səsləndirirlər. Əlbəttə, onlar nə qədər ki yaşayırlar, özlərini müəllimlərindən səviyyəcə üstün hesab etməyəcəklər. Amma cəmiyyət bunu tamamilə başqa cür görməlidir. Mən hesab edirəm ki, bu gün bizim teatr xadimlərinin içərisində öz müəllimlərindən də qat-qat yüksəyə çatmış kifayət qədər insanlarımız var. Onların bir qrupu burada əyləşib və biz hər birimiz sevə-sevə onların tamaşalarına gedirik, çəkdikləri ağrı-acını, hissiyyatları görürük. Elə onların bu yaşantısı da bizə keçərək öz sənətimizə münasibətimizi formalaşdırır.
Mən hələ onu demirəm ki, onların içərisində siyasi-ictimai fəaliyyətlə məşğul olan, yəni geniş şəkildə öz imkanlarını cəmiyyətin başqa bir sahələrinin inkişafına da yönəldən insanlarımız var. Bu gün onlardan biri olan Amalya xanım burada əyləşib. Biz onları daim uca mərtəbədə tutmalıyıq. Azərbaycan Prezidentinin və hakimiyyətinin yeritdiyi siyasətin də məzmununda bu dayanır.
Mən qanun layihəsi ilə bağlı bir məsələyə münasibətimi bildirmək istəyirdim. Şifahi xalq ədəbiyyatından başqa, istənilən sənət əsəri, əgər kino həllini tapırsa, özünün teatr həllini tapırsa, bunun arxasında müəllif dayanır. Qanun layihəsinin IV fəslində teatr tamaşasının canlı nümayişi ilə bağlı müstəsna hüququn subyektləri sadalanıb. Bu subyektlər içərisində tamaşanın quruluşçuları, ifaçılar, yəni aktyorlar və prodüserlər göstərilir. Mən bilmək istəyirəm, bəs müəlliflərin hüququ harada nəzərdə tutulur? Teatrın inkişafı bu müəlliflərdən daha çox asılıdır, çünki biz klassik əsərlərə nə qədər çox müraciət etsək də, zamanı, dövrü əks etdirmək və məhz dövlətin siyasəti və prinsiplərini özündə əks etdirən tamaşaların yaradılmasını bugünkü müəlliflərdən gözləyirik.
Ona görə də həmin müəlliflər sırasına, mən hesab edirəm ki, teatr tamaşasının müəllifinin də adı daxil edilməlidir. Gələcəkdə teatr tamaşasının quruluşu ilə bağlı dəyişikliklər edilərkən məhz onun da rəyi nəzərə alınmalıdır. Bu, təkcə üçlüyün subyekti olmamalıdır. Mənim yadımdadır ki, komissiyada müzakirə gedərkən bizim görkəmli teatr xadimi Nurəddin müəllim söylədi ki, burada ən az hüquqları təmsil olunan aktyorlardır. Mən onun fikri ilə razıyam, amma hesab edirəm ki, burada hüququ nəzərdə tutulmayan subyekt dram əsərinin müəllifidir. Hesab edirəm ki, onun da hüquqları nəzərə alınmalı və bu subyektlərin sırasına daxil olunmalıdır. Mən çox istərdim ki, əziz sənətçilərimiz, teatr xadimlərimiz, Azərbaycan dövləti özünün elə bir inkişaf səviyyəsinə çatsın ki, burada səfalət içərisində yaşayan aktyorun olduğu barədə fikir səsləndirməyək, daim onları mənəviyyata, Azərbaycan mədəniyyətinin inkişafına çox böyük xidmət etmələri üçün maddi şəraitin yaranmasının şahidi olaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən buraya təşrif buyurmuş teatr xadimlərini salamlayıram. Arzu edirəm ki, qəbul olunacaq qanun onların şəxsi həyatlarında, o cümlədən Azərbaycan teatrının inkişafında müsbət rol oynasın. Hər bir qanunu qəbul etməmişdən qabaq həmin qanunun cəmiyyətdə nə cür qəbul olunması və həmin sahənin inkişafına nə cür təsir etməsi analiz edilir. Bu qanunun da əsas onurğa sütunu Azərbaycanda teatrın inkişafı ilə əlaqədar teatr xadimləri, teatrla məşğul olan insanların maliyyəsini müəyyən qədər yaxşılaşdırmaqdan ibarətdir. Bir sıra məsələlərə İlham müəllim də toxundu. Mən, əsasən, maliyyə ilə əlaqədar məsələlərə və əsas anlayışlara toxunmaq istəyirəm.
Ümumiyyətlə, beynəlxalq aləmdə, beynəlxalq iqtisadiyyatda iki növ istehsal forması var - dövlət və qeyri-dövlət. Yəni dövlət elə bir formadır ki, dövlət tərəfindən həmin təşkilatların fəaliyyətinə tam təminat verilir. Qeyri-dövlət kommersiya şəklində, pay şəklində də ola və istənilən formada yaradıla bilər. “Əsas anlayışlar”da “dövlət”, “qeyri-kommersiya”, “qeyri-dövlət” teatrları göstərilir. Ümumiyyətlə, belə yazmaq lazımdır: “dövlət” və “qeyri-dövlət”. Dövlət teatrı dövlət tərəfindən tam təmin olunmuş təşkilatdır, amma qeyri-dövlət kommersiya və sair teatrlar da ola bilər. Həmin təşkilatlar üçün maliyyə mənbəyi axtarmağa onlar özləri məcburdurlar. Digər maddələrdə də mən bunu hiss edirəm.
7-ci maddədə göstərilir: “dövlət və bələdiyyə teatrları büdcədən tam və ya qismən maliyyələşdirilir”. Kim müəyyən edəcək ki, tam və ya qismən maliyyələşdirilir. Dövlət teatrıdırsa, dövlət buna tam təminat verməlidir. Həm maddi-texniki təchizatını, həm orada işləyən işçilərin əmək haqlarını, onların sığortasını, maddi imkanlarını təmin etməlidir. Əgər qeyri-dövlət teatrıdırsa, kommersiya şəklində fəaliyyət göstərirsə, burada biznesmenlər də kömək eləyə, sponsorlar da ola bilərlər və sair.
8-ci maddədə teatr ittifaqları ilə əlaqədar məsələ göstərilib. Bilirsiniz, bayaq qeyd etdim ki, hökumət təşkilatları və qeyri-hökumət təşkilatları olur. Əgər teatr ittifaqını hökumət təşkilatı elan ediriksə, deməli, teatr ittifaqını biz mütləq büdcədə nəzərə almalıyıq, büdcədən maliyyələşdirməliyik. Yox, teatr ittifaqlarını qeyri-hökumət təşkilatı elan ediriksə, teatr ittifaqları qeyri-hökumət təşkilatları kimi özlərinə maliyyə tapmalı, maliyyələrini özləri müəyyən etməlidirlər. Mən belə hesab edirəm ki, burada maliyyə ilə əlaqədar müddəalar çoxdur. Misal üçün, 21-ci maddədə yazılır: “Dövlət və bələdiyyə qeyri-kommersiya teatrları dövlət büdcəsindən və bələdiyyə vəsaitindən maliyyələşdirilir və təsərrüfat hesabı ilə fəaliyyət göstərir”. Təsərrüfat hesabı ilə fəaliyyət göstərən müəssisə dövlət təşkilatı deyil. İstər dövlət, istərsə də bələdiyyə teatrı dövlət büdcəsindən maliyyələşdirilməli, fəaliyyət göstərməlidir. Əgər təsərrüfat hesabı ilə fəaliyyət göstərirsə, artıq başqa təşkilatdır, dövlət büdcəsindən maliyyələşdirilə bilməz. Burada bilet satışı ilə əlaqədar göstərilir ki, teatrlar özləri biletlərinin satışını müəyyən edirlər. Yenə deyirəm, əgər dövlət maliyyələşdirirsə, deməli, Mədəniyyət və Turizm Nazirliyi biletlərin satışına müdaxilə edə bilər. Yəni maliyyə dövlətindir, dövlət büdcəsindən maliyyələşdirilirsə, həmin teatrlarda biletlərin qiymətini Mədəniyyət və Turizm Nazirliyi müəyyən edə bilər. Yox, kommersiya təşkilatıdırsa, müəyyən edə bilməz. Elə olmasın ki, sabah qanun qəbul olunandan sonra yenə teatr təşkilatları pis vəziyyətdə qalsınlar.
Biz özümüz üçün də, cəmiyyət üçün də müəyyən etməliyik ki, dövlət teatrdakı siyasətlə əlaqədar nəyə təminat verir? Bayaq İlham müəllim düzgün qeyd etdi, teatr özü də böyük bir teatrdır. Dövlət müəyyən etməlidir ki, teatr sahəsində hansı səlahiyyəti özündə saxlayır, hansı səlahiyyəti kommersiya təşkilatlarına verir. Bu, ciddi bir problemdir. Mən hesab edirəm ki, qanun layihəsini konseptual cəhətdən birinci oxunuşda qəbul edə bilərik. Mən yenə də Mədəniyyət məsələləri daimi komissiyasından xahiş edirəm ki, maliyyə mənbəyi ilə əlaqədar məsələlərə çox ciddi baxılsın və səhəri gün teatr xadimləri, teatr işçiləri yenə də maliyyə cəhətdən əziyyət çəkməsinlər. Onlar artıq bu qanun qəbul edildikdən sonra, heç olmasa, müəyyən qədər rahat həyat sürə bilsinlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vahid müəllim. Mən Vahid müəllimin dediyi bir fikrə münasibətimi bildirmək istəyirəm. Keçən çağırışda Gənclər siyasəti haqqında bir qanun qəbul etdik. Orada müəyyən maliyyə məsələləri var idi. Həmin qanun qüvvəyə minəndən sonra maliyyə naziri dedi ki, mənimlə məsləhətləşməmisiniz, mənimlə razılaşmamısınız, mən buraya maliyyə vəsaiti açmayacağam. Ona görə də yaxşı olmazdımı, bu qanun layihəsini biz həm də maliyyə naziri ilə razılaşdıraq? Yəni sabah qanun təsdiq olunanda biz artıq fakt qarşısında qalmayaq. Deməsinlər ki, mən artıq buraya maliyyə vəsaiti ayıra bilmərəm, mənim belə imkanım yoxdur, əvvəlcədən mənimlə razılaşdırılmalı idi. Mümkün olsa, bu məsələyə də baxmaq lazımdır. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! 7 fəsil, 29 maddədən ibarət olan bu qanun layihəsini mən diqqətlə oxudum. Nizami Cəfərovun geniş və məzmunlu məruzəsini dinlədim. Doğrudan da, bu qanun çoxdan qəbul olunmalı və teatrlarımız, teatr işçiləri, teatr xadimləri üçün normal şərait çoxdan yaradılmalı idi. İndi hələ gec deyil, bu qanun normal şəkildə qəbul olunmalıdır. Burada bir neçə məsələyə aydınlıq gətirmək lazımdır.
Azərbaycan teatrının tarixi qədimdir. 1873-cü ildə Mirzə Fətəli Axundovun komediyaları vasitəsi ilə yaradılıbdır. Azərbaycanda sovet hakimiyyəti qurulandan və demokratik cümhuriyyət yaradılandan, yəni hələ 1919-cu ildə həmin teatra dövlət teatrı adı verilibdir. Bu formada sovet dövründə çox geniş və ətraflı şəkildə fəaliyyət göstəribdir və onların fəaliyyəti də yüksək qiymətləndirilir.
Qanun layihəsinin preambula hissəsində mənə məlum olmayan bir neçə məsələ var. Orada mülkiyyət forması ilə fəaliyyət forması qarışdırılır. Məsələn, fəaliyyətinə görə 3 növ teatr var: dövlət teatrı, qeyri-dövlət teatrı və bələdiyyə teatrı. Bütün dünyada belədir. İndi layihədə fəaliyyət növünə görə 5 növ müəyyən ediblər. Bunlar hansılardan ibarətdir: kommersiya teatrı, qeyri-kommersiya teatrı. Yaxşı, var dövlət teatrı, bir də qeyri-dövlət teatrı. Qeyri-dövlət teatrı içərisində bunların hamısı ehtiva olunur. Əli Məsimli çıxış edəndə çox düzgün olaraq preambulanın bu hissələrinə bir qədər də diqqətli olmağı tövsiyə etdi. Burada oxuyuram: “kommersiya teatrı-mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarla kommersiya təşkilatları üçün yaradılan teatr müəssisəsi”. Bu, kommersiya teatrıdır. Sonra gəlir qeyri-kommersiya teatrı, sonra dövlət teatrı belə müəyyən edilir: “dövlət orqanı tərəfindən yaradılan və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan teatr müəssisəsi”. Mən bilmirəm, nəyə görə 5 növə ayırıblar. Bəlkə təşkilatın özünə görə bunu ayıra bilərdilər?
Unutmaq lazım deyil ki, burada həm də belə bir cümlə verilib: “mülki qanunvericilikdə nəzərdə tutulan əsaslarla qeyri-kommersiya təşkilatları üçün yaradılan teatr müəssisəsi”. Teatr müəssisəsi təşkilatlar üçün yaradılmır, adamlar, insanlar üçün yaradılır. Bu ifadələr də dəqiqləşdirilməlidir. Mən bilirəm, layihəni Mədəniyyət və Turizm Nazirliyi hazırlayıbdır. O vaxt baxmayıblar, indi də Mədəniyyət və Turizm Nazirliyində teatr xadimləri... Nizami müəllim çox düzgün dedi. Teatrın rəhbəri kim olmalıdır? Teatrın rəhbəri kommersant ola bilər? Teatrın yaradıcısı, rəhbəri rejissordur. Rejissor aktyorları seçir, müəyyənləşdirir. Belə şeylərin üstündə mübahisə edərlər?
Dediyim məsələlərdən əlavə burada bir xüsusiyyət də var. 4-cü maddənin birinci bəndində yazılır: “teatr sənətindən və teatr yaradıcılığından bəhrələnmək hüququnun hər bir vətəndaşa aid olunması”. Həmin bənd bu cür gedərsə, daha məqsədəuyğun olardı: “hər bir vətəndaşın teatr sənəti və teatr yaradıcılığından bəhrələnmək hüququnun təmin olunması”. Belə olanda teatr və teatr fəaliyyəti ilə bağlı dövlət və vətəndaş münasibətləri daha aydın ifadə edilmiş olur. Burada “səhnə əsəri” anlayışı belə verilir: “teatr tamaşasının canlı ifada kütləvi nümayişi”. Teatr elə səhnə əsəridir də. Bu, hekayə deyil, dram, səhnə əsəridir. Bu anlayışların dəqiqləşdirməyə çox ciddi ehtiyacı var. Ancaq bu qanunun qəbul edilməsi isə çox uğurlu və müvəffəqiyyətli bir fikirdir. Layihənin birinci oxunuşda qəbul olunmasına tərəfdaram. Növbəti oxunuşlarda onu maddələr üzrə oxuyub müzakirə edərik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Hörmətli sədarət, hörmətli deputat həmkarlar, çox hörmətli keçmiş iş yoldaşlarım! Bu gün, həqiqətən, yaxşı bir gündür ki, mədəniyyətimizin ən faydalı, ən əhəmiyyətli, tarixən ən qədim bir sənəti - teatr sənəti haqqında müstəqil Azərbaycanın qanununu qəbul edirik. Bu, əlamətdar hadisədir. Nəhayət, Nizami müəllim Cəfərov çox sağ olsun ki, ilk addımında komissiya sədri kimi təşəbbüs göstərib və belə bir qanun layihəsini təqdim edir. Nə demək olar?
Teatr haqqında, onun xalqımız qarşısında xidmətindən teatr tarixi qədər danışa bilərik, hər kəs danışa bilər. Teatrın əhəmiyyətindən daha çox danışmaq olar, danışılır da. Ancaq bir məsələni də müzakirədə özüm qarşıya qoyuram. Teatr haqqında qanun olmadığı bir vaxtda, hətta bizim müstəqil Azərbaycan dövlətimizin tarixən olmadığı bir vaxtda teatrımız olubdur. Milli teatr bizim dövlətçiliyimizin, mədəniyyətimizin, cəmiyyətimizin tarixində çox böyük rol oynayıb. İndi görək bu qanunu qəbul etməklə biz teatr sənətinə, mədəniyyətin bu mühüm sahəsinə nə yenilik bəxş edəcəyik, bu sahəni inkişaf etdirmək üçün hansı əsaslı tədbirləri görəcəyik. Bunlar qanunda öz əksini necə tapsın? Buna görə də qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə tərəfdaram. Çox zəruri, vacib qanundur. Biz bu qanun layihəsinə səs verib birinci oxunuşda bu gün qəbul etməliyik. Ancaq dövlət quruculuğunun mühüm bir dövründə, iqtisadiyyatda, mənəvi sahələrdə, təhsildə və digər sahələrdə gedən uğurlu addımlarımız burada öz əksini necə tapacaqdır və qarşıya hansı məqsədləri, hansı vəzifələri qoyuruq? Bu qanunda mənə elə gəlir ki, yenilik bundan ibarət olmalıdır.
Daha cəsarətli və iqtisadiyyatımıza, siyasətimizə, dövlət quruculuğumuza uyğun olaraq bizim bu günə qədər özü-özünü yaşadan, bu günə qədər gətirib çatdıran teatr sənətinin daha uğurlu gələcəyinin təmin edilməsi üçün nələr etməliyik? Məni uzun illər bu sahədə düşündürən məsələlərdən biri bu gün hamının dediyi maliyyə, teatr sahəsində çalışan xadimlərin, işçilərin əmək haqqı məsələləridir. Aydın məsələdir ki, dövlətimiz inkişaf edir, iqtisadiyyatımız artır. Bu məsələlər həll olunacaqdır. Buna qanun da bəlkə lazım deyil. Amma bu qanunda həmin inkişaf dinamikası öz əksini tapsa, çox yaxşı olar. Məsələ nədən ibarətdir?
Teatr üçün aktyorlar və digər sənət sahibləri tədris müəssisələrində hazırlanır. Tədris müəssisələri barədə uzun illərdir, söhbət gedir. Lakin burada da mən görürəm ki, həmin məsələlər öz əksini tapmayıbdır. Tədris müəssisələri, kadr yetişdirilməsi, hazırlanması başqa bir sahənin tabeçiliyindədir. Teatr təkcə aktyor sənəti ilə deyil, eyni zamanda, musiqi ilə, incəsənətin digər sahələri ilə, rəssamlıqla bağlıdır və sair. Ona görə də bu məsələ qanunda öz əksini tapsaydı, çox yaxşı olardı. Layihədə tədris müəssisələrinin idarə olunması və kadrların hazırlanması, yetişdirilməsi sahəsində nazirliyin rolunun artırılması öz əksini tapa bilərdi.
İkinci, biz indi bütün sahələrdə addımlarımızı beynəlxalq standartlarla ölçürük. Beynəlxalq siyasətimizdə, apardığımız ictimai-siyasi işlərdə, iqtisadiyyatda beynəlxalq standartları əsas götürürük. Ölkə xaricinə çıxarkən teatr sənətimizi biz necə, hansı yollarla təqdim etməliyik ki, digər sahələrimiz kimi teatr sənətini də dünyanın bütün ölkələrində nümayiş etdirə bilək? Hansı yolla, vasitə ilə? Burada tərcümə, reklam, hazırlıq məsələləri var. Bu sahədə qarşıya konkret məsələlər qoyub onu yerinə yetirmək məsələləri vardır. Bu gün hörmətli Prezidentimiz Amerika Birləşmiş Ştatlarına səfər edir. Bəlkə gələcək səfərlərdə hər hansı bir incəsənət qrupu, elə teatr qrupu onu müşayiət edəcək? Azərbaycan milli teatrı özünün hansı əsərini aparacaq?
Müəlliflik məsələləri. Teatr sənətində böyük rol oynayan yazarlar, yazıçılarımız, dramaturqlarımızın yaradıcılığı üçün hansı məsələlər qarşıya qoyulur? Onları həvəsləndirmək üçün, onların repertuara yeni, bu sənəti inkişaf etdirəcək əsərlər təqdim etməsi üçün qanunda hansı məsələləri nəzərdə tutacağıq? Belə məsələlərə ikinci oxunuşa qədər diqqət yetirsək, bu sahədə müəyyən konkret vəzifələr qarşıya qoysaq, çox yaxşı olardı. Mən bu fikirləri nəyə görə deyirəm? Şekspirin əsərləri bu gün də oynanılır. Çoxlu əsərlər yaranıb ki, onların adları da yaddan çıxıb gedib. Nəyə görə bu gün bizim gələcəkdə yüz illərlə yaşayacaq müstəqil Azərbaycanımızın yaşayacaq əsərləri olmasın? Dramaturqların həvəsləndirilməsi, onların bu sahəyə cəlb edilməsi üçün hansı məsələləri qarşıya qoyuruq və bunları necə həll edəcəyik? Bu məsələlər üzərində düşünülsə, daha yaxşı olar. Ən başlıcası ondan ibarətdir ki, biz gərək yaradıcı adamlarımıza mənəvi stimulu bir az da artıraq.
Mən mərhum Prezidentimiz Heydər Əliyevin bu sahəyə nə qədər diqqət göstərdiyini qanun kimi qəbul edirəm. Onun bütün fəaliyyəti mənim gözümün qabağındadır. Hətta Naxçıvanda olanda, işləmədiyi müddətdə teatr xadimləri Naxçıvana gələrkən onlarla hökmən görüşməsi, söhbət etməsi, onların qarşısında da hələ o zaman vəzifələr qoyması mənim çox yaxşı xatirimdədir. Heydər Əliyevin Azərbaycan teatrına, milli teatrımıza göstərdiyi münasibət bu qanunda öz əksini tapmalıdır. Mən Drayzerin bir fikrini burada canlandırmaq istəyirəm. Deyir: “Şöhrət nəzərə alınmazsa, sənətkara dünyada heç nə qalmır”. Biz, heç olmasa, onların şöhrətinin qayğısına qalaq və buraya onlara mənəvi yardım edən konkret tədbirlər, maddələr əlavə edək. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mən bir daha qonaqlarımıza müraciət edirəm. Danışmaq istəyən varmı? Rafiq müəllim, buyurun.
R. Sadıxov, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin prorektoru.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli deputatlar! Məni heyrətləndirən bir cəhət ondan ibarətdir ki, hər bir deputatın qəlbində sənət yanğısı var. Bu bizim universitetin müəllimləri üçün yaxşı mənada böyük dayaqdır. Əgər teatr sənətimizə belə bir mötəbər Məclis yüksək qiymət verirsə, onun problemləri çox dərindən öyrənilirsə, tətbiq olunursa, qanun halında qəbul edilirsə, bu, əlbəttə, incəsənətimizə olan dövlət qayğısının, Prezident qayğısının ən yüksək əlamətidir. Mən xüsusi olaraq qeyd etmək istərdim ki, bu qanun layihəsi Milli Məclisin komissiyasında dəfələrlə müzakirə olunmuşdur. Bu qanun layihəsi Mədəniyyət və Turizm Nazirliyi tərəfindən təkcə respublikamızın yox, qabaqcıl ölkələrin qanunları öyrənilməklə tərtib olunmuşdur. Əlbəttə, ola bilsin ki, müəyyən düzəlişlər, redaktələr lazımdır, bəlkə, həqiqətən də, lazımdır. Amma mən xüsusi qeyd etmək istərdim ki, bu sənəd işlənmiş, yüksək tələblərə cavab verən bir sənəddir və gələcəkdə Azərbaycan teatrının, Azərbaycan teatr mədəniyyətinin inkişafı üçün ən gözəl bir sənəd olacaqdır.
Burada çıxış edənlər qeyd etdilər. Siz bilirsiniz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində illər boyu çalışan müəllimlər var. Həmin müəllimlər bu günə qədər çoxlu xalq artistləri, böyük sənətkarlar yetişdirmişlər. Amma onların sosial təminatları yoxdur. Ona görə də bu qanunda həmin müəllimlərin məhz sosial təminat baxımından vəziyyətlərinin yaxşılaşdırılması haqqında maddə də öz əksini tapa bilsə, yaxşı olar. Digər tərəfdən həqiqi mənada mən Mübariz müəllimə böyük təşəkkür edirəm. Respublikamızda yaxşı teatrlardan biri də məhz bizim Səda teatrıdır. Səda teatrının fəaliyyəti də bu qanuna düşsəydi, daha yaxşı olardı. Digər tərəfdən qeyd etmək istəyirəm ki, bu sənətə yaxşı maliyyəşünas lazımdır, amma burada yaradıcılıq məsələlərinin qoyulması, çox dəqiqləşdiriləsi məsələlər vardır. Yaradıcılıq məsələlərinin həllində millət vəkillərinin bizə arxa durması, müsbət söz deməsi mütləq lazımdır. Mən təşəkkür edirəm ki, çox böyük diqqətlə, dəqiqliklə bu qanun layihəsi müzakirə olunur. Mən əminəm ki, qanunda hörmətli millət vəkillərinin dedikləri bütün qeydlər öz əksini tapacaqdır. Gələcəkdə teatr təhsilinin inkişafı üçün də bu qanunun böyük rolu olacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ədalət Vəliyev.
Ə. Vəliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən birinci növbədə bu günün böyük bir hissəsini mədəniyyətin əsas və tərkib hissələrindən biri olan Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsi ilə bağlı məsələyə sərf etdiyiniz üçün hörmətli nazirimiz Əbülfəs Qarayevin və həmkarlarımın adından təşəkkür etmək istəyirəm. Bəzi məsələlərə aydınlıq gətirmək istəyirəm.
Bu gün Azərbaycanda 28 dövlət, 45 xalq teatrı və 10-a qədər özəl və digər teatrlar fəaliyyət göstərir ki, bunlarda 5 minə yaxın texniki və yaradıcı insan və bilavasitə sənətlə məşğul olan 3 minə yaxın Azərbaycanın tanınmış, Prezident təqaüdçüləri, fəxri adlar daşıyan layiqli insanlar çalışır. Uzun illərdən bəri teatrların mülkiyyət hüququ formalarından statuslarına qədər orada çalışan insanların sosial və digər məsələləri ilə, ümumən, teatr sənətinin inkişafı ilə bağlı belə bir sənədin ortaya gəlməməsi ağrılı bir hal idi. 1998-ci ildən başlayaraq keçmiş Mədəniyyət Nazirliyi olaraq biz bu qanunun Milli Məclisdə qəbulu məsələlərini gündəliyə gətirməyə çalışdıq. Nəhayət, bu gün Milli Məclisin müvafiq şöbəsinə və komissiyaya bəri başdan təşəkkürümü bildirmək istəyirəm ki, yeni heyətdə bu məsələyə çox aktiv və isti münasibət bəslənildi. Bunun nəticəsi olaraq bu gün artıq belə bir qanun layihəsi sizin müzakirənizə verilibdir.
Millət vəkillərinin səsləndirdikləri bütün fikirlərə böyük hörmətlə yanaşaraq buradan çox qiymətli məqamları özümdə qeyd etdim. Təbii, bizim bildiyimiz və məqsədli düşünərəkdən burada öz əksini tapmasını lazım bildiyimiz peşənin, sənətin xüsusiyyətlərindən irəli gələn məqamlar var. Preambula hissəsi haqqında bu gün çoxlu söhbətlər getdi. Prodüserlik sistem kimi insanları, hətta bizim sənətdə olan insanları qorxudur. Mən bir məqama aydınlıq gətirmək istəyirəm ki, teatr anlamında dövlət teatrlarının başında nə quruluşçu rejissor, nə aktyor, nə də dramaturq durur. Onun başında dövlət tərəfindən vəzifəyə təyin olunan direktor durur. Bu, qanun layihəsində tam açıq-aydın öz əksini tapıbdır.
Dramaturqun hüquqlarından söhbət getdiyi halda niyə onun müəlliflik adı müəllif hüquqları ilə qorunmur. Əslində, dramaturq əsəri teatra müvafiq şəkildə Mədəniyyət və Turizm Nazirliyinə satdığı və onun müqabilində bu və ya digər formada qonorar aldığı üçün onun artıq sonralar bu və ya digər teatrlarda dəfələrlə oynanılacaq tamaşaya heç bir aidiyyəti olmur. Bəli, istisnalar var. Kapitalizm dünyasında və ümumən, Qərb ölkələrində bu gün bir çox dramaturqlar əsərlərini satmır, hər hansı bir teatrda oynanıldıqda həmin teatrla fərdi müqavilə üsulu ilə qonorarlar alırlar. Bunun da hesabına yaşayırlar. Bu, hesab edirəm ki, daha mütərəqqi bir qayda ola bilərdi. Amma bunun da Azərbaycanda birmənalı qarşılanmayacağını düşünürəm. Böyük yazıçılar, şairlər ordusu üçün qurulmuş bu sistemin birdən-birə, qəfildən pozulması ağırlığı ola bilər. Biz Yazıçılar Birliyi ilə də, yazıçılarla da, Azərbaycanda dramaturji fəaliyyət göstərən dramaturqlarla da uzun-uzadı söhbətlər apardıqdan sonra belə bir qənaətə gəlmişik.
Bu gün burada teatrlarda mövcud olan rus bölmələrini bağlamaq haqqında fikir səsləndi. Vaxtı ilə də bu məsələlər gündəlikdə olmuşdu. Sonradan uzun illər aparılan araşdırmalar bizi belə bir qənaətə gətirdi ki, Bakıda bir neçə dildə teatr olmalıdır. Bizdə rus dilində də, gürcü dilində də teatr mövcuddur. Biz dilindən, dinindən, irqindən, cinsindən asılı olmayaraq bütün millətlərin mədəniyyətlərinin bərabər şəkildə inkişafına imkan yaradılmasını bu qanunda bir daha təsbit etmək istəyirik. Rayon və bölgə teatrlarının, xüsusi ilə 125 illiyini qeyd etməyə hazırlaşdığımız İrəvan teatrının zərgər dəqiqliyi ilə sıradan silinməsi, yaxud da qaçqın teatrlar statusu ilə bunların ümumi bir teatrda birləşdirilməsi məsələsinə Bahar xanım çox yaxşı mənada münasibət bildirdi.
Bir tarixi məqama millət vəkillərinin diqqətini yönəltmək istəyirəm. 125 il əvvəl qədim İrəvan xanlığında Azərbaycan teatrı yaradılıb. Teatr yaranan məmləkətdə, teatr yaranan bölgədə əhalinin 70-75 faizi mütləq yerli əhali olmalı və ana dilində danışmalıdır. Bu faktı diqqətinizə çatdırmaqla bildirmək istəyirəm ki, Ermənistan dediyimiz bugünkü respublikada erməni dilində ermənilərin ilk teatrının yaranma tarixi 1924-cü ilə təsadüf edir. Amma Azərbaycan teatrı haqqında, güman edirəm ki, hörmətli Prezidentimizin müvafiq sərəncamı olacaq. Artıq nazirlik belə bir təkliflə çıxış edibdir və biz İrəvan Azərbaycan Dövlət Dram Teatrının həm siyasi, həm mənəvi, həm də bütün vacib, lazımlı anları nəzərə almaqla ən yüksək səviyyədə, dövlət səviyyəsində yubileyini qeyd etməliyik. İrəvan torpaqlarının qədim azəri, türk torpaqları olmasını özündə bu gün ehtiva edən çox adlardan biri də İrəvan Azərbaycan teatrıdır. Eləcə də Şuşa, Füzuli, eləcə də digər teatrlar.
Təbii ki, repertuarda bir müəllifin uğurlu tamaşası uzun illər oynanıla bilər. Mən güman etmirəm ki, bu zalda əyləşən insanlar Səməd Vurğunun məşhur “Vaqif” dramının mininci dəfə oynanılmasının afişasını görməyiblər, yaxud da unudublar. Şeksprin də, Cəlil Məmmədquluzadənin də və digər dünya və Azərbaycan klassiklərinin əsərləri nəinki on illər, yüz illər repertuarlarda qalacaqdır. Teatr heç də həmişə yeni dramaturqlarla, yeni adlarla və yeni əsərlərlə tamaşaçı qarşısına çıxmalı deyil. Teatr istedadlı aktyorların ifasında klassik dram əsərlərinin, uğur qazanmış müasir əsərlərin səhnədə ehtiva olunması ilə yadda qalır. Dövlət teatrlarının, şübhəsiz, bu gün problemləri, xüsusi ilə maddi-texniki bazanın kasadlığı, əmək haqqının azlığı və digər sosial məsələlər həddindən artıq ağır və acınacaqlı hallardır.
Mən millət vəkillərinin də diqqətinə belə bir məqamı çatdırmaq istəyirəm ki, 2006-cı ildə Mədəniyyət və Turizm Nazirliyinin tarixində ilk dəfə olaraq eyni vaxtda Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında, Opera və Balet Teatrında, Rus Dram Teatrında, Gənc Tamaşaçılar Teatrında və kinostudiyada, - kinonu da biz teatrla əlaqəli bir sahə hesab edirik, - əsaslı təmir, bərpa, yenidənqurma işlərinin aparılması üçün dövlət büdcəsindən məqsədli vəsaitin ayrılması nəzərdə tutulubdur. Bizim əsas məqsədimiz teatrlara dövlət qayğısını, teatrların maddi-texniki bazasının, xüsusi ilə bina qutularının yenidən qurulması və digər sosial məsələlər - əmək haqqı, sosial ayırmalar, sığortalar və sairi bu qanunda yüksək səviyyədə əks etdirməkdir.
Teatrların mülkiyyət formasına görə və digər təşkilati-hüquqi məqamlara görə adlarında dəyişikliklərin aparılması, dövlət və yaxud qeyri-dövlət, kommersiya, yaxud qeyri-kommersiya və sair məsələlərə də güman edirəm ki, biz yenidən toplaşıb maliyyəçi və digər hüquqşünaslarla birlikdə bir daha diqqət yetirərik. Qeyd etmək istəyirəm ki, biz Rusiyanın, Ukraynanın, Belarusun və Qərbin bir sıra teatr modelləri ilə bağlı qanunları ilə də tanış olmuşuq. Nizami müəllimin sədrliyi ilə bunu biz bir neçə dəfə müzakirə etmişik. Ədilə xanımın iştirakı ilə biz şöbədə bu məsələləri ötən illərdə də müzakirə etmişik. Biz millət vəkillərinin qeydlərinə, söylədikləri tövsiyələrə çox böyük hörmətlə yanaşaraq, bunların hamısını mütləq şəkildə bir daha araşdıracaq, münasibətimizi yenidən bildirəcəyik. İlham Rəhimlinin söylədiyi bəzi məqamlara, xüsusi ilə İslam dini ilə teatr münasibətinə və teatr, teatrların siyasiləşməsi məsələsinə, xalq oyunları və sair məsələlərə münasibətimizi bildirəcəyik. Mən bir daha sizin hamınıza öz dərin təşəkkürümü bildirməklə ümidvar olduğumu, əminliyimi bildirmək istəyirəm ki, bu qanun layihəsi bu il sizlərin bilavasitə səyi nəticəsində reallığa çevriləcək və Azərbaycan mədəniyyətinin böyuk bir ordusuna böyük bir hədiyyə olacaq. Diqqətinizə görə təşəkkür edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Ədalət müəllim. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, Azərbaycanın müxtəlif teatrlarında çalışan çox hörmətli dəvətlilər! Deputat həmkarlarım və istərsə də bu gün qanun layihəsinin müzakirəsinə dəvət olunan dostlarımız çox maraqlı məqamlara toxundular. Azərbaycan teatrının dünəni və bu günü ilə bağlı, doğrudan da, qayğı hissi ilə çıxış etdilər. Mən hesab edirəm ki, bu qanun layihəsinin hazırlanması və müzakirəyə cıxarılması, qəbul edilməsi çox vacibdir. Ən azı ona görə ki, teatr Azərbaycan mədəniyyətinin ən mühüm aparıcı istiqamətidir, mədəniyyət siyasətinin bilavasitə tərkib hissəsidir. Mədəniyyət siyasətinin bu hissəsinin qanuna, hüquqi bazaya dayanması, heç şübhəsiz ki, teatrlarımızın fəaliyyətini stimullaşdıracaq, onun maddi-texniki bazasının inkişafına müsbət təsir göstərəcək. Qanun aktyor kollektivinin və eləcə də teatrda çalışan bütün işçilərin maddi rifah halının yaxşılaşmasına xidmət etməlidir.
Mən burada deyilən fikirlərlə şərikəm. Azərbaycan teatrının tarixi, əslində, Azərbaycanın millət olma tarixidir. Azərbaycan teatrı Azərbaycanda milli fikrin formalaşmasında, milli kimliyin müəyyən edilməsində, milli ideyanın formalaşmasında çox mühüm rol oynayıbdır. Təsadüfi deyildir ki, Azərbaycanın millət olma tarixi öyrəniləndə onun mənbələrindən biri məhz Azərbaycan teatrı götürülür. Bu baxımdan, doğrudan da, Azərbaycan teatrı çox böyük, zəngin, tarixi bir yol keçib və bu sənətin çox böyük korifeyləri olub. Elə korifeylər ki, nəinki Azərbaycanın mədəniyyət tarixinə daxil olublar, ümumiyyətlə, öz böyük adlarını Azərbaycan tarixinə həkk ediblər.
Əlbəttə, teatr bilavasitə dövlət himayəsində olmalıdır. Bu baxımdan Azərbaycan teatrının ən böyük problemi maliyyə təminatıdır. Bu barədə deputat yoldaşlarımızın dedikləri fikirlərlə tamamilə şərikəm. Ən azı ona görə ki, teatr, aktyorluq sənətin spesifik sahəsidir. Aktyor elə bir sənətin sahibi deyildir ki, günün yarısını gedib ayrı bir yerdə ayrı bir işlə məşğul olsun. Hətta o, evində də məşq eləməlidir. Axşam tamaşaya çıxmaqdan ötrü gündüz iş yerində məşq eləməlidir. Buna görə də ona elə əmək haqqı verilməlidir ki, özünü və ailəsini dolandıra bilsin. Bu gün Azərbaycan aktyoruna, Azərbaycan rejissoruna verilən 170 mindən 200-220 minədək əmək haqqı ilə adam heç özü həyatda öz rolunu oynaya bilmir. Onda da ki, bu əmək haqqına sən gedib başqasının rolunu oynayasan, onun surətini yaradasan. Bu sənəti yaşadan, mən deyərdim ki, bugünkü fədailərə, belə əmək haqqına işləyən fədakar insanlara, sənətinə vurğun insanlara, doğrudan da, dövlət qayğısı olmalıdır.
Dövlət başçısı sağ olsun, çox tanınmış adamları Prezident təqaüdü ilə təmin eləyir. Amma elə etmək lazımdır ki, gələcəkdə də bu təqaüdə layiq olan adamlar onu alsınlar. Gənc nəsil yetişsin və onların içərisində elə rejissorlar, elə aktyorlar olsunlar ki, onlar da sənətdə elə bir mövqeyə yüksələ, bu adlara layiq ola bilsinlər. Vaxtı ilə dövlət mükafatları var idi. Həmin dövlət mükafatlarının bərpa edilməsi haqqında Prezidentin sərəncamı oldu və bizim tanınmış korifey sənətkarlarımızın böyük bir hissəsi dövlət mükafatı alırdılar. Dövlət mükafatı böyük məbləğdə pul vəsaiti idi. Onlar öz qonorarlarından, əmək haqlarından başqa bu tip mükafatlardan istifadə edirdilər.
Dövr inkişaf edir, dəyişir. Bu gün təkcə aktyorların sosial təminatından söhbət getməməlidir. Bu gün teatrlar maddi-texniki cəhətdən müasir tələblərə cavab verməli, yeni texnoloji qurğularla elektron vasitələrlə təmin olunmalıdır, çünki televiziya çıxandan sonra, məcazi mənada desək, teatrın bazarı bir qədər öldürülüb. İndi elə vasitələrdən istifadə etmək lazımdır ki, teatr tamaşaçı üçün əvvəlkilərlə müqayisədə daha cəlbedici olsun. Məsələn, mən bir nümunə deyim. Əgər qışda teatrda palto ilə oturursansa, bu bir növ teatr olmaqdan çıxır. Bu binalar müasir istilik qurğuları ilə təmin olunmalı, səhnələrin dəyişdirilməsi müasirləşdirilməlidir. İndi Həzrəti Nuh dövründə olduğu kimi, hər dəfə pərdəni bağlayıb yeni səhnə yaratmağa ehtiyac yoxdur. Bunlar o qədər çevik, texniki cəhətdən sürətlə hərəkət edən qurğularla əvəz olunmalıdır ki, müasir tamaşaçının vaxt problemi də nəzərə alınsın. Bu qanun layihəsi ikinci oxunuşa çıxarılanda, əlbəttə, ayrı-ayrı maddələrlə bağlı bizim fikir və mülahizələrimiz olacaq, onları da deyəcəyik. Mən Nizami müəllimə həm təşəkkür eləyirəm, həm də ondan təvəqqe eləyirəm ki, bu qanun layihəsi ikinci oxunuşa çıxarılanda aktyorlarımızın maddi, sosial təminatı ilə bağlı məsələlər, teatrların maddi, texniki, elektron-informasiya vasitələri ilə təmin olunması məsələsi burada daha da gücləndirilsin. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən vaxtınızı çox almayacağam, çünki məndən öncə çıxış eləyən həmkarlarım bir çox məqamlara aydınlıq gətirdilər. Həmkarlarım o fikirlə razılaşarlar ki, biz üçüncü çağırış Milli Məclisin üzvləri olaraq bu gün birinci dəfə keyfiyyətcə yeni bir qanun layihəsini müzakirə edirik. Bu, bizim milli-mənəvi dəyərlərimizlə bağlı qanun layihəsidir. Ümumiyyətlə, dövlətimizin möhkəmlənməsi, əhalimizin güzəranının addım-addım yüksəlməsi danılmaz faktdır. Amma milli-mənəvi dəyərlərimizin qorunması haqqında, təəssüf ki, biz belə optimist mövqedə ola bilmirik, çünki qloballaşan dünyada, dəyişikliklər olan bir cəmiyyətdə ən çox təsirlərə məruz qalan milli-mənəvi dəyərlər olur. Bu gün belə bir qanun layihəsinin müzakirəyə çıxarılması çox aktualdır. Teatrımıza, milli mədəniyyətimizə dövlət qayğısı, mənə elə gəlir ki, məhz bu təcavüzün qarşısının alınmasında yeganə yol ola bilər. Bu gün kütləvi elektron-informasiya vasitələrindən milli mənəviyyatımıza edilən təcavüzə, bu ekranlarda gördüyünüz bayağı, mənəvi cəhətdən zəif ekran əsərlərinin gənclərimizdə, yeniyetmələrimizdə yaratdığı mənəviyyata qarşı yalnız və yalnız milli mədəniyyətimizi, teatr mədəniyyətimizi, milli musiqimizi çətin də olsa, təbliği ilə dura bilərik.
Mən şəxsən öz həyatımdan iki uşaqlıq epizodunu xatırlatmaq istəyirəm. Heç yadımdan çıxmır, bizim kəndimizə rəhmətlik Nəsibə xanım Zeynalova gəlmişdi. O vaxt bütün ətraf kəndlərdən məhz Nəsibə xanımın tamaşasına gələn insanları kənd klubu tuta bilməzdi. Açıq səmada, bağçanın həyətində Nəsibə xanımın yaratdığı qeyri-adi şedevri indi də yaddan çıxarmaq çətindir. Mən ilk dəfə Bakıya gələndə məni “Milyonçunun dilənçi oğlu” tamaşasına aparmışdılar. Mənə elə gəlir ki, əgər ziyalılıqdan, mədənilikdən ətrafdakılar məndə nə isə görürlərsə, bunlarda məhz həmin epizodların çox böyük rolu vardır.
Belə bir qanun layihəsinin müzakirəyə çıxarılması və deputatlar tərəfindən dəstəklənməsi, mənə elə gəlir ki, hər bir millət vəkilinin ürəyincə olan işdir. Lakin qanun layihəsinin məzmunu ilə bağlı burada təkliflər oldu. Mən hər şeydən öncə Mübariz müəllimin, Bahar xanımın təkliflərini dəstəkləyirəm. Bu gün Azərbaycan iqtisadiyyatının inkişaf sürəti bir daha onu göstərir ki, bizim büdcəmizin milli mədəniyyətimizin vergilərinə ehtiyacı yoxdur. Bu nöqteyi-nəzərdən qanun layihəsində milli mədəniyyətimizin fəaliyyətindən vergilərin tutulmaması ideyasını dəstəkləyirəm.
Burada kadr məsələsi ilə bağlı fikirlər səsləndi. Mənə elə gəlir ki, hazırda teatrlar üçün kadrlar yetişdirən ali məktəblər müstəsna təşkil eləyir ki, oraya gedən gənclər məhz istedadla bağlı olan gənclərdir, məhz istedadına əmin olan gənclərdir. Həmin gənclərin yetişdirilməsində, gələcək həyata atılanda onların ailə problemlərini həll etməsi də məhz bu qanun layihəsində öz əksini tapmalıdır. Deyirlər, teatr asılqandan başlayır. Çox təəssüf ki, müzakirələrdə məhz teatrın yaradıcılıqla bağlı insanlarının sosial müdafiəsindən söhbət getdi. Mənə elə gəlir ki, ümumiyyətlə, qanun layihəsində teatrla bağlı istifadə olunan hər bir termini xatırlatmağa ehtiyac var. Yəni teatr təşkilatının ümumi problemlərinin, sosial problemlərinin, bilet yoxlayandan tutmuş ən böyük quruluşçu rejissora kimi bütün insanların sosial problemlərinin həll edilməsinə yönəldilməlidir. Mən əminəm ki, bütün millət vəkilləri hamılıqla bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəklər. Çox böyük məmnuniyyətlə bunun ikinci oxunuşda təqdim olunmasını gözləyəcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Təşəkkür edirəm. Danışmaq arzusunda olanların hamısı danışdı. Nizami müəllim, buyurun.
N. Cəfərov. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hörmətli mütəxəssislər! Bilirsiniz, biz o qədər də cəsarətli bir layihə verməmişik. Mən Fəttah müəllimlə yüz faiz razıyam. Amma, sadəcə olaraq, dedik ki, fikirləşək görək, Milli Məclisin özündə ruh varsa, mütəxəssislərin canında həvəs varsa, bir az da cəsarətlənək. Cəsarət nədə ola bilər? Vahid müəllim, biz Maliyyə Nazirliyi ilə danışarıq, daha doğrusu, Mədəniyyət və Turizm Nazirliyi danışar. Nə qədər imkanımız varsa, biz elə edərik ki, layihədə dövlət qayğısı üçün daha çox imkanlar yaradaq.
Azərbaycan dövləti Azərbaycan xalqının dövlətidir, dövlətin mədəniyyət siyasəti bizə məlumdur. Biz keçid dövründə yaşayırıq. Biz bu layihədə imkan yaradırıq ki, teatra dövlət, sponsorlar tərəfindən vəsait qoyulsun. Biz bu məsələni açıq saxlayırıq. Yəni teatra nə qədər pul verilsə, teatr heç zaman imtina eləmir. Amma mexanizmləri müəyyənləşdirək. Dövlət teatrını niyə müəyyən qədər sərbəst saxlamaq istəyirik? Dövlət teatrı yalnız dövlətin hesabına mövcud ola bilərmi? Azərbaycanda bu qədər dövlət teatrı varsa, necə fikirləşirsiniz, bunların hamısını dövlət lazımi səviyyədə saxlaya bilər, ya yox? Ona görə də orada müəyyən qədər imkan veririk ki, onlar dövlətdən nə ala bilirlərsə alsınlar, təsərrüfat hesabı ilə də qazana bilsinlər. Bu gün bizim teatrlarımız, mütəxəssislərimiz bilirlər, çox bilet satmaqda, tamaşaçı yığmaqda maraqlı deyildirlər, çünki bunlardan istifadə etmək texnologiyaları yoxdur. Ona görə bu cəhətdən şərait yaradırıq.
Hörmətli Nizami müəllim, həqiqətən, bizim teatr növlərinə aid müddəalarda müəyyən şərtiliklər var. Əlbəttə, biz onları müəyyən qaydaya salmalıyıq. Çox bölgülər aparmağa ehtiyac yoxdur. Həmin bölgülər prosesin özündə yetişə bilərlər. Dövlət daxilində, qeyri-kommersiya xarakterli də, yalnız elitar teatrlar da ola bilər. Bu mənada məsələni bir qədər açıq qoyuruq. Amma Nizami müəllimlə razıyam ki, heç olmasa, minimal dəqiqləşdirilmə aparılmalıdır ki, teatrların fəaliyyət mexanizmləri xüsusi ilə keçid dövrü üçün aydın olsun. Bunun xarakteri nədir? Yenə də hər şey maliyyənin üzərində gəlir dayanır. Mən güman eləmirəm ki, biz ikinci oxunuşda maliyyə ilə əlaqədar daha çox mübahisə edəcəyik, çünki bu məsələ bizim üçün aydındır və dövlətin imkanları daxilində onu qaydaya salacağıq.
Gələn müzakirələrimizdə ən çox mübahisələrimiz “tamaşa, teatr nədir və tamaşanın sahibi kimdir” kimi məsələlər üzərində olacaq. Ona görə mən bizim mütəxəssislərdən xüsusi ilə xahiş edirəm ki, bu cəhətdən bizə kömək eləsinlər, müxtəlif variantlar versinlər. Təbiidir, dramaturqu müəlliflikdən necə çıxarmaq olar? Dramaturq gəldi, əsəri teatra satdı, çıxdı getdi, rejissor gəldi, dramaturqun əsərinin başına elə oyun açdı ki, bu əsər onun olmadı, amma müəllif kimi onun adı getdi. Yəni burada müxtəlif məsələlər var. Bunlar aydınlaşdırılmalıdır.
Sonda başqa bir məsələni də deyim. Mən çox şadam ki, mətbuatımızda hətta ən qeyri-professional səviyyədə belə teatr qanunu hazırlanır, bunun ətrafında mübahisələr, söhbətlər gedir, hətta həmin insanlara da mən təşəkkür edirəm. Deyirlər ki, qanunun heç bir dəxli yoxdur, teatrın öz həyat yolu var, o cür də yaşayacaq. Qoy onu da desinlər. Hər halda teatr barədə düşünmək lazımdır. Teatr bizə lazımdır, dövlət siyasəti üçün də, mədəniyyətimiz üçün də, ən azından tarixdən qalan ətalətimiz üçün də lazımdır. Tamamilə doğrudur, bu saat dünyanın özü teatra çevrilib. Həmin teatr, bizim Milli Məclisin özündə də var. Teatrı insanlar yaşamalıdırlar. Biz Milli Məclisə seçki keçiririk, başdan-başa teatrdır. Məsələ o qədər mürəkkəbləşir ki, indi teatr üzrə mütəxəssislər bir iş görə bilmirlər, biz onlardan qabiliyyətli çıxmışıq, çünki ətalət ilə, təbiətlə oyunları artıq oynaya bilirik. Amma bu yeni bir şey deyil, Şekspirin sözləridir: ”Aydın-aşkar qadınlar, kişilər aktyordurlar.” Amma bununla yanaşı, professionalizm burada qorunmalıdır. Bu qanunun hazırlanması prosesində teatr, cəmiyyətimiz iştirak etməlidir. Biz əvvəldən də istəmirik ki, onlar kənarda qalsınlar, biz qanunu gizli qəbul eləyək, sonra da işləməsin. Mədəniyyət haqqında qanunların müzakirələri mədəniyyət mühitinin inkişafına qanunların fəaliyyətindən daha çox təsir eləyə bilir. Mən çox xahiş edirəm, məndən inciməsinlər, dedim ki, müəllimlərindən sitat gətirirlər. Mən də bir qıçıqlandırıcı söz dedim ki, bəlkə inkişaf eləyək. Burada başqa xüsusi məqsədim yox idi. Sağ olun, təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim, təşəkkür edirəm. Hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunmuş qonaqlar, hesab edirəm ki, bu qanun layihəsinin müzakirəsi üçün kifayət qədər imkanımız oldu. Çoxlu təkliflər, iradlar deyildi. Mən bir neçə məsələ haqqında danışmaq istəyirəm. Xahiş edərdim, bu qanun layihəsinin ikinci oxunuşunda aktyorlardan da buraya dəvət olunsun. Düzdür, hörmətli Amalya xanım buradadır, amma mən istərdim, bir neçə aparıcı aktyorlarımız da burada iştirak etsinlər, çünki teatr prosesində əsas simalardan biri də aktyordur. Onların da fikrini dinləmək istərdik.
Teatr və İslam haqqında İlham müəllim qeyd etdi, mən, sözün düzü, bu məsələni dərinliyinə qədər vara bilmədim. Teatrlarda bədii şura var, bu və ya digər mövzu təsdiq olunanda bunun qanuna daxil olmasının, mən elə bilirəm, əhəmiyyəti yoxdur. Azərbaycan dünyəvi dövlətdir. Mirzə Cəlilin “Ölülər” əsərində Şeyx Nəsrullah din adından istifadə eləyir, dələduzluq eləyir. Bu günə qədər qanun yox idi, amma “Ölülər” tamaşaya qoyulur və neçə illər bundan sonra da qoyulacaq. Eləcə də digər əsərlər ola bilər. Burada, hesab edirəm, mövzu məhdudiyyəti ola bilməz. Olsa da, bunu artıq bədii şura özü həll eləməlidir.
Burada Nizami müəllim bir məsələyə də toxundu. Həmin məsələ haqqında az-çox məlumatım var, çünki mən də teatra bağlı, hələ tələbəlik illərindən bu günə kimi teatra gedib-gələn adamam. Bu gün Nizami müəllim haqlı olaraq qeyd elədi, teatrlar bilet satıb, plan doldurmaqda o qədər də maraqlı deyildirlər. Niyə? Çünki planı dolduran kimi Vergilər Nazirliyi deyir, 18 faiz əlavə dəyər vergisi verməlisən. Hesab edirəm, Nizami müəllim, bu məsələni də müzakirə etməliyik. Teatrların əlavə dəyər vergisindən azad olunması nə dərəcədə realdır, buna da baxmalıyıq.
Əlbəttə, mən bu fikirlə tamamilə razıyam ki, teatr sahəsində çalışanlar, teatr direktorundan başlamış teatrın adi işçisinə qədər hamı – rejissorlar, aktyorlar kifayət qədər məvacib almalıdırlar. Amma mən, sözün düzü, teatrın ələbaxımlıq səviyyəsinə düşməsini də istəmirəm. Teatrın öz imkanı olmalıdır. Özü tamaşaçı cəlb eləməlidir. Yaxşı aktual əsərlər səhnəyə qoyulmalıdır. Mən çox istərdim ki, ilin ədəbi hadisəsinə çevriləcək bir tamaşa olsun. Varmı? Gəlin, açıq etiraf edək. Yenə deyirəm, mənim böyük hörmətim var, xüsusi ilə mən dostum Mərahim Fərzəlibəyovdan, Akademik Milli Dram Teatrından umuram. Yaxşı, fundamental əsərlər səhnəyə qoysunlar ki, bu ədəbi hadisəyə çevrilə bilsin. Parlamentin bütün deputatları böyük həvəslə gedib həmin tamaşaya baxsınlar. Teatrın özündən çox şey asılıdır. Mən sizə müvəffəqiyyətlər, uğurlar arzulayıram. Güman edirəm ki, bu qanunun qəbulu ilə biz də teatra bir köməklik etmiş olarıq. Əgər başqa sözünüz yoxdursa, xahiş edirəm, bu qanun layihəsinə münasibət bildirək.

Səsvermənin nəticələri (saat 17.55 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da iclasımız sona çatır.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi