2006-ci il 23 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  18

Milli  Məclisin  iclas  salonu.
23  may  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov
  sədrlik  etmişdir


İclasda Milli Məclisin 102 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
K. Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
A. Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
E. Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Ə. Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
N. Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
H. Əsədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
S. Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
F. Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Ş. Sadıxov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
R. Məmmədov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun Maliyyə və əməliyyatlar üzrə müdiri.
Z. Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin idarə rəisi.
M. Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Maliyyə-Tarif İdarəsinin rəisi.
R. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
İ. Həbiyev, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Aparatının rəhbəri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında.
2. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə” Qərarın təsdiq edilməsi haqqında.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında.
6. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
7. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
8. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Onkoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması barədə” Qərarın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

23  may  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Sabahınız xeyir, hörmətli deputatlar, hörmətli hökumət üzvləri, hörmətli komissiya sədrləri! Çoxdandır, bir-birimizi görmürük.
Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 93
Yetərsay 83

Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, iclasa başlamazdan qabaq mən belə bir təklif eləmək istəyirəm. Bildiyiniz kimi, gündəlik hamınızda var. Gündəliyi təsdiq eləməmişdən qabaq gündəliyin beşinci məsələsini, yəni dövlət büdcəsinin icrası haqqında məsələni biz birinci müzakirə eləyək. Etiraz yoxdur? Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 6
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli millət vəkilləri, gündəliyi müzakirə eləməyə ehtiyac var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fikrinizi yazılı surətdə verərsiniz. Təklif var, müzakirələrə başlayaq. Hər məsələyə cavab veririk. Yazılı surətdə verin, baxarıq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, bizim camaatımız savadlı camaatdır. Siz niyə hesab eləyirsiniz ki, camaatın xəbəri yoxdur? Hamı qəzet oxuyur, hamının xəbəri var. Belə məsələləri müzakirə eləmək lazımdırsa, eləyərik.
Mən xahiş elədim, müzakirəsiz səsə qoyasınız. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.06 dəq.)
Lehinə 70
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 3
İştirak edir 79
Yetərsay yoxdur

Yetərsay yoxdur. Onda müzakirələrə başlayırıq. Sabir müəllim, yazılın. Yenidən səsə qoymamışdan qabaq, mən xahiş elədim, diqqətlə səs verəsiniz. Ona görə müzakirələrə keçirik. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, təbii ki, büdcə kimi vacib məsələlərin bu gün müzakirəyə çıxarılması başqa məsələlərin gündəliyə təklif olunmasına bir qədər təsir edə bilər. Amma məndən əvvəl Sabir müəllim mikrofonsuz çıxış elədi. Xaricdə yaşayan həmvətənlərimizin və Azərbaycandan kənarda olan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı daim bu kürsüdən məsələ qaldırılıb. Hətta Xaricdə Yaşayan Həmvətənlərlə İş üzrə Dövlət Komitəsi də yaradılıb və xaricdə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsi ilə bağlı bu istiqamətdə müəyyən işlər də görülür.
Amma son günlər İranla və İranda yaşayan soydaşlarımızla bağlı çox ciddi problemlər yaşanır. İran qəzetinin azərbaycanlıları təhqir etməsi orada yaşayan 30 milyona yaxın soydaşımızın ayağa qalxması ilə və çox ciddi qanlı toqquşmalarla nəticələnib. Dünən gecə həm Tehranda, həm də Təbrizdə çox ciddi qarşıdurmalar olub. 250-yə yaxın adamın həbs olunduğu, bir neçə adamın öldürüldüyü barədə məlumatlar var. Dünən bütün gecə biz İnternetdə bunu izləmişik. İnternetdə milli hərəkatlar bununla bağlı mütəmadi məlumat verib.
Biz Azərbaycan dövləti olaraq, heç bir dövlətin daxili işinə qarışmasaq da, xaricdə yaşayan azərbaycanlıların - soydaşlarımızın hüquqlarını müdafiə etməyə borcluyuq. Buna görə də Azərbaycan Respublikasının Milli Məclisi bu məsələlərlə bağlı çox ciddi şəkildə İranın Bakıdakı səfirliyi qarşısında məsələ qaldırsın və güneydə yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsinə yönəlmiş bir xəttin ortaya qoyulması bəyan olunsun. Yaxın Şərqdə baş verən proseslərdə, həmin proseslərin içərisində güneyli soydaşlarımızın hüquqlarının müdafiə olunması çox ciddi məsələdir. Mən xahiş edirəm, Milli Məclis bu məsələyə diqqət yetirsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, ikinci dəfə mövzuya toxunmamaq üçün bir məsələni qeyd eləmək istəyirəm ki, bu gün büdcənin icrası ilə bağlı çox ciddi bir məsələ müzakirə olunduğu halda bizə Hesablama Palatasının rəyi bu gün çatdırılıbdır. Məncə, bu praktikaya bir az düzəliş etmək lazımdır. Heç olmasa, millət vəkillərinə bir həftə öncədən bu rəyin verilməsi lazımdır. Çünki bilavasitə büdcəyə nəzarət eləyən bu qurumun rəyinin bizim üçün böyük əhəmiyyəti var. Hansı rəyə gəldiyi barədə biz də məlumatlı olmalıyıq. O baxımdan bu məsələyə, məncə, Sizin diqqət yetirməyiniz vacibdir. Gələcəkdə büdcə icrası ilə, büdcə problemi ilə bağlı daha professional çıxışlar etmək üçün millət vəkillərinə şərait yaradılar.
İkincisi, mən hesab edirəm ki, bu gün ən vacib məsələlərdən biri istehlakçının hüquqlarının müdafiəsi istiqamətində qanunvericilik bazasının təkmilləşdirilməsidir. Bilirsiniz ki, 1995-ci ildə Azərbaycanda “İstehlakçının hüquqlarının müdafiəsi haqqında” Qanun qəbul olunubdur və həmin Qanuna son illərdə təqribən 9 əlavə və düzəliş olunub. Hətta 26-cı maddənin çıxarılması da bu Qanunu tam iflic vəziyyətə salıbdır. Bizdə istehsalçının hüququnun müdafiəsi istiqamətində Prezidentin fərmanları var. Həmin fərmanda sahibkarların, istehsalçıların əsassız yoxlamadan xilas olunması təqdirə layiq bir haldır. Amma bundan əlavə, biz həm də düşünməliyik ki, istehlakçının hüququnu necə qoruyaq? Vaxtı ilə ölkədə bazarı məhsulla doldurmaq, əhalinin ərzaq sıxıntısı problemini həll etmək üçün bu, zəruri idi. Amma bu gün Azərbaycan dövlətinin qarşısında duran əsas vəzifə bazarı keyfiyyətli malla doldurmaqdır. Ərzaq məhsullarının, içki məhsullarının böyük əksəriyyəti saxta yolla hazırlanır və Azərbaycan insanının səhhətinə olduqca ciddi təhlükə yaradır. Vətəndaşın, onun sağlamlığının mühafizə edilməsi istiqamətində istehlakçının hüquqlarını qoruyan qanuna ehtiyac var. Milli Məclisin bu sessiya olmasa da, gələn sessiyada mütləq bu məsələyə baxması vacibdir.
Digər bir məsələ ilə bağlı fikrimi bildirmək istəyirəm. Azərbaycanda Ədliyyə Nazirliyi tərəfindən çox ciddi islahatlar aparılıb. Bir çox qeyri-hökumət təşkilatlarının, siyasi partiyaların qeydə alınma prosesi müsbət qarşılanmalıdır, xüsusən 2005-ci ildə bu istiqamətdə çox ciddi addımlar atıldı. Biz bəzən gözləyirik, kənardan Azərbaycana təzyiqlər olsun ki, filan partiyanı, filan qeyri-hökumət təşkilatını niyə qeydə almırsınız? Ona görə də, məncə, bu istiqamətdə özümüz müəyyən addımlar atmağı bacarmalıyıq. Məsələn, Azərbaycan Milli Demokrat Partiyası, Klassik Xalq Cəbhəsi Partiyası qeydə alınmır.
Sədrlik edən. Fazil müəllim, birinci iradınızı qəbul eləyirik. Düz deyirsiniz, Hesablama Palatası hesabatı vaxtında paylamalıdır. Ancaq Sizdən xahiş eləyirəm, gündəlik ətrafında danışın. Dəfələrlə demişik, təklifləriniz varsa, yazılı surətdə verin. İndi hamınızın xoşu gəlir, dursun, mikrofonla payız sessiyasına gündəlik təklif eləsin. Hamınızdan xahiş eləyirəm, danışanda gündəlik ətrafında danışın. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də gündəliklə bağlı iradımı demək istəyirdim. Qanuna dəyişikliklər yalnız bu gün verilib. Bu çox önəmli bir Qanundur. Bunu bir naqislik hesab edirəm. Eyni zamanda, bir halda ki, Azərbaycan Respublikasının Milli Məclisi parlament iddiasındadır, millətin Məclisi iddiasındadır, dünya azərbaycanlılarının məsələləri ilə bağlı, xüsusən, bu gün gedən dramatik proseslərlə bağlı, məncə, öz fikrini bildirsə, yaxşı olar. Bu həmin adamların şəxsi fikri olacaq.
Mən də Müsavat deputat qrupu adından güneydə və ümumiyyətlə, İranda gedən proseslərlə bağlı öz fikrimi demək istəyirəm. Mətbuatda yazılıb. Xüsusən, diqqəti cəlb eləyən oradakı tələbə hərəkatında və yaxud cəmiyyətin digər təbəqələrinin iştirak elədiyi bu hərəkatda səslənən şüarlardır. Məsələn, deyilir: “Mən odam. Odla oynama, alışarsan, yanarsan”. Çox maraqlı şüarlardan biri budur: “Qızıldan olsa qəfəsim, azadlığa var həvəsim”. “Haray-haray mən türkəm, mənim dilim ölən deyil, fars dilinə dönən deyil!” “Yaşasın Azərbaycan, məhv olsun Ermənistan!”.
Azərbaycan Respublikası dünya azərbaycanlılarının kiçik bir hissəsidir və dünya azərbaycanlılarının yalnız bir hissəsinin Azərbaycan Respublikasında yaşamasına baxmayaraq, Azərbaycan Respublikası dünya azərbaycanlılarının siyasi, ideoloji, iqtisadi, kültür mərkəzidir. Bu cür münasibətin bildirilməsi, məncə, çox məntiqli olardı. Üstəgəl orada mübarizə aparan və repressiyalara məruz qalan insanların şüarlarından biri budur: “Təəssübsüz millət gərək xar olsun!” Mən də Müsavat deputat qrupu adından İrandakı hökumətin repressiyalarını pisləyir və orada təhqirlərə, təqiblərə, həqarətlərə etiraz eləyən insanlara “əliniz var olsun, deyən diliniz var olsun!” demək istəyirəm. Bu bir.
İkincisi, seçkilər oldu. Onunla bağlı söz deməyə, çox güman ki, imkan olmayacaq. Amma 31-ci dairədə mən iştirak elədim və seçki əski ənənə üzrə keçirildi. Orada onlarca qanun pozuntusu oldu.
Sədrlik edən. Sağ olun. Amma heç olmasa, bir az insafınız olsun, bu seçkilərdən danışmayın. Seçkilərə nəinki biz, xarici müşahidəçilər də çox yüksək qiymət verdilər. Təzədən bunu qurdalamayaq. Gündəliyi müzakirə eləyirik. Dediniz, mən də Sizə cavab verdim. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, əslində mənim qaldıracağım məsələ bilavasitə bu gün müzakirəyə çıxarılan gündəliklə əlaqədar deyil. Lakin mətbuatın gündəliyinə çıxmış mövzuya bu kürsüdən toxunmaq istərdim. Çünki “Bizim yol” qəzetinin baş redaktoru Bahəddin Hacıyevin naməlum şəxslər tərəfindən o cür zorakılığa məruz qalması ətrafında yeni bir antihakimiyyət kampaniyası başlanıb. Əlbəttə, ilk olaraq, bu hadisəyə hakimiyyət rəsmiləri öz reaksiyalarını verdilər və bəlli oldu ki, ölkə rəhbərliyinin yürütdüyü siyasət ölkədə media azadlığının bərqərar olmasına xidmət eləyir. Lakin Elmar Hüseynovun qətlə yetirilməsi narıncı inqilab ssenarisinin bir elementi idi. Görünür, 13 may seçkilərinin beynəlxalq aləmdə müsbət reaksiyasından sonra mütləq daxildə belə bir hadisə baş verəcəkdir.
Əlbəttə, biz bu gün medianın hansısa özbaşınalığından, mətbuatda insanların şərəf və ləyaqətinin tapdanmasından ciddi bir qoruma mexanizmi yaratmaqla bağlı ən müxtəlif təkliflərlə çıxış eləyirik. Lakin mən hesab eləyirəm ki, bu mexanizm yoxdur. Əslində biz hər gün geniş mənəvi terror siyasətini görməkdəyik. Şəxsən mənim qəti əminliyim odur ki, yüzlərlə məhkəmə prosesi getsə də, ən müxtəlif ciddi sanksiyalar tətbiq olunsa da, mətbuatdakı bu təhqirlərin qarşısını almaq mümkün olmayacaq. Ona görə mənim aləmimdə çıxış yolu, sadəcə, Avropa Şurasının təklif elədiyi modeldir. Biz təhqirə və söyüş azadlığına daha geniş hüquqi baza yaratmalıyıq. Avropa Şurasının bəyanatlarında olduğu kimi, hüquqiləşdirməliyik. Onlar da bizdən bunu istəyirlər. Onda ölkədə hər kəs - məmur da, siyasi şəxs də, vətəndaş da biləcək ki, mətbuatda onun haqqında təhqirlər yazıla bilər. Bu cür qarşılıqlı təhqir bəlkə bir müddət davam eləyə. Nəhayət, bəlkə özü-özünü tənzimləmə mexanizmi yarana.
Cənab Sədr, əslində diqqət yetirən hər kəs görür ki, siyasi məğlubiyyətindən sonra müxalifətin mətbuatı aqressivləşir. Zamanında Leninin “İskra” qəzetinə verdiyi tərif “kollektiv təbliğatçı” və “kollektiv təşviqatçı” formulu bu gün həmin qəzetlərin üzərindədir. Bu gün qəzetlər, nəinki, sadəcə, informasiya daşıyıcısıdır, daha artıq dərəcədə hakimiyyət uğrunda mübarizə aparan bir barrikadadır, istehkamdır. Ona görə də mənim qəti əminliyim odur ki, bu hadisə ətrafında hay-küy qaldırmamalı, Azərbaycana qara yaxmamaq üçün həmin qüvvələr bu aksiyanı dayandırmalıdırlar. Əgər doğrudan da, onların günahkarı tapmaqda marağı varsa! Cənab Sədr, müşahidə eləyirsinizsə, Azərbaycan ciddi beynəlxalq proseslər ərəfəsində olanda belə hadisələr baş verir. Əlbəttə, biz bunu bir daha pisləyirik. Lakin bunun ətrafında qurulan oyunları və onu şouya çevirənləri də birmənalı şəkildə pisləyirik.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, Nazirlər Kabinetinin üzvləri, qonaqlar! Gündəliklə bağlı mən də öz fikrimi bildirmək istəyirəm. Əlbəttə, gündəlikdə qoyulmuş məsələlərə səs verdim. Amma məndən öncə bizim millət vəkilləri bir mühüm məsələyə münasibət bildirdilər. Bu da Cənubi Azərbaycanda baş verən hadisələrdir.
Azərbaycanın cənubunda baş verənlərə dünya azərbaycanlılarının problemi kimi yanaşmaq doğru deyil. Bu hadisələrə xaricdə yaşayan azərbaycanlıların problemi kimi yanaşmağı düzgün saymıram. Ona görə ki, onlar öz doğma torpaqlarında, öz doğma vətənində yaşayırlar. Tarixən iş belə gətirib ki, Azərbaycan xalqı ikiyə parçalanıb. Biz Cənubda yaşayan soydaşlarımızın taleyinə biganə qalmamalıyıq. Azərbaycan Respublikası müstəqil dövlətdir. Biz bu məsələni həm beynəlxalq təşkilatlar qarşısında qaldırmalıyıq, həm də İran dövlətinə öz narazılığımızı bildirməliyik ki, orada yaşayan azərbaycanlıların hüquqlarına sayğı ilə yanaşsınlar, İranın Konstitusiyasına ən azından əməl eləsinlər.
Həmin insanlar orada nə tələb eləyib ki? Azərbaycanlılar təhqir olunub. Bu insanlar da həmin təhqirə öz etirazlarını bildirirlər ki, bizimlə bu cür ikinci növ insanlar kimi davranılmamalıdır, bizə həqarət edilməməlidir. Mən də bu fikirdəyəm və məndən öncə çıxış eləyənləri dəstəkləyirəm. Bildirirəm ki, Azərbaycan parlamenti bu məsələyə öz etirazını bildirə bilər.
Mənim bir az vaxtım var. Oqtay müəllim, mən bir məsələyə görə də Sizə öz minnətdarlığımı bildirmək istəyirəm. Yəni bizim Milli Məclisdə qaldırılan məsələlərin Aparat tərəfindən öyrənilməsi və bundan sonra araşdırılaraq həmin məsələ barədə millət vəkillərinə məlumat verilməsi çox müsbət haldır. Mənim vaxtı ilə Milli Məclisin televiziyasının yaradılması ilə bağlı qaldırdığım bir məsələ var idi. Bu günlərdə mənə Aparatın nümayəndələri məlumat verdilər ki, bu məsələ istiqamətində artıq Milli Məclisin rəhbərliyi qərar qəbul eləyib. Mən hesab eləyirəm ki, bu, Azərbaycan parlamentarizmi tarixində yeni bir dövrün, mərhələnin başlanğıcı olacaq. Bu, hər bir millət vəkilinin məsuliyyət hissinin daha da artmasına, ictimaiyyətin parlament üzərində nəzarət funksiyasını daha yaxşı həyata keçirməsinə, seçkilər ərəfəsində daha düzgün seçim etməsinə imkan verəcək. Buna görə də mən Sizə, yəni bu qərarın qəbul olunmasında xidməti olmuş hər kəsə öz minnətdarlığımı bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Mən bir dəfə cari məsələlərlə bağlı fikrimi burada bildirmişəm. Mən hesab eləyirəm ki, biz gündəlik ətrafında müzakirələr aparmalıyıq. Vaxtımızı yalnız gündəlikdəki məsələlərə sərf eləməliyik. Biz 20 dəqiqədir gündəlikdən kənar məsələləri müzakirə etməkdəyik. Halbuki bu gün gündəliyə çox ciddi bir məsələ çıxarılıbdır. Büdcədə yaranmış artımla əlaqədar, Azərbaycanın sosial-iqtisadi həyatındakı dəyişikliklərlə bağlı parlament öz mövqeyini bildirməlidir. Amma təəssüf ki, biz yenə də mətbuatda gedən yazılar ətrafında ayrı-ayrı tezisləri ortaya qoymaqdayıq.
Mətbuat çox şeylər yaza bilər. Hansı məsələlər ki mətbuatda işıqlandırılır, mətbuatda yazılır, bu, həmin mətbuatın özünün işidir. Mətbuat özünü yaymaq xətrinə çox şeylər, çox sensasiyalı məlumatlar ortaya qoya bilər. Mən xatırlamıram ki, hansısa ölkənin parlamentində, ciddi, demokratik və inkişaf eləmiş ölkənin parlamentində mətbuatda gedən yazıya vaxt ayırmış olsunlar. Mətbuat yazıb, yazıb. Çox şey yaza bilər. Mətbuatdakı yazıların hər birinə biz reaksiya versək, onda gərək gündəliyi kənara qoyaq və bu məsələləri müzakirə eləyək.
Hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, Azərbaycan çox kövrək bir bölgədə yerləşir və Azərbaycan öz müstəqilliyini qorumaq üçün həm siyasi, həm iqtisadi, həm də beynəlxalq sahədə çox ciddi mübarizə aparır. Bunu bilənlər bilir. Ona görə də biz burada çıxışlarımıza çox ehtiyatla yanaşmalıyıq.
Biz, həqiqətən də, millətin Məclisiyik. Bəli, millətin Məclisi olduğumuza görə də çox ciddi və məsuliyyətli çıxışlar eləməliyik. Azərbaycanın maraqlarını nəzərə almalıyıq. Əgər biz populist çıxışlara yer versək, yenə də əvvəlki səhvləri təkrar eləmiş olacağıq. Bu gün hansısa ölkədə baş verən hadisələri qabartmaqla biz Azərbaycanın maraqlarına xidmət eləmirik. Orada baş verən hadisələr niyə baş verir, nə üçün baş verir? Onun baş vermə səbəbləri nədir? Bununla bağlı Azərbaycanın tutduğu mövqe nədir? Bu ayrı bir məsələdir.
Bizdə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası var. Bu cür məsələləri belə gurultulu, hay-küylü sözlərlə demirlər. Bu cür məsələləri bəzi ölkələrdə qapalı müzakirə eləyirlər. Ona görə mən hesab eləyirəm ki, çox ciddi şəkildə düşünmək lazımdır. Xarici siyasətlə bağlı çıxışlarda deputatlar məsuliyyətlərini hiss eləməlidirlər. Mən bunları sizin diqqətinizə çatdırmaq istəyirəm və hesab edirəm ki, biz büdcə ilə bağlı məsələnin müzakirəsinə qayıdaraq, əsas diqqətimizi ölkəmizin sosial-iqtisadi inkişaf məsələlərinə yönəltməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən Sizinlə tamamilə razıyam. Ancaq müzakirə məsələsini biz səsə qoyduq. Əfsuslar olsun ki, millət vəkillərinin heç 30 faizi səs vermədi. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, mən də həmkarım Mübariz Qurbanlının fikirlərini dəstəkləyərək bildirirəm ki, bu gün vacib qanun layihəsi var və bunun müzakirəsi ilə əlaqədar biz işə başlamalıyıq.
Bir məsələni qeyd etmək istəyirəm. Bilirsiniz ki, qarşıdan Azərbaycanın 28 May Respublika günü gəlir. Mən təklif eləyərdim ki, Milli Məclis tərəfindən cənab Prezidentə müraciət olunsun. Avropa Şurasına verilən siyahılarda adı gedən və ya hansısa qəzetlərdə şəkli vurulan insanlar deyil, ehtiyatsızlıq üzündən xəta törədən və bu gün islah əmək düşərgələrində olan bir qrup insan var. 28 mayla əlaqədar onların əfvi ilə bağlı bir qərar layihəsi olsaydı, çox gözəl olardı. Bu insanların azadlığa çıxması Respublika günündə vacib elementlərdən biri olardı.
Digər bir məsələyə burada həmkarlarımız toxundu. Bəli, biz dünyada olan azərbaycanlılarla məşğul olmalıyıq, onların hüquqlarını müdafiə etməliyik. İnsan hüquqları təkcə bir ölkənin daxili məsələsi deyil. İnsan hüquqları, ümumiyyətlə, bəşəriyyətin məsələsidir. Amma bəzi məsələlərə biz 1992-ci il səviyyəsində baxmamalıyıq. Çinə bayraq taxacağıq, Hindistanı tutacağıq, Avropanı işğal eləyəcəyik, Orta Asiyada demokratiya yaradacağıq və sairə. Hər bir atılan addımın alternativ zərbəsi həmin vaxt Azərbaycana dəydi. Həmin ölkələrin Ermənistanı silahlandırmasına, Ermənistana yardım göstərməsinə şərait yaratdı. Bu məsələlər deyiləndə biz ölçüb-biçməli, götür-qoy eləməliyik. Təbii ki, Cənubda baş verən hadisələr hansısa ölkənin barmağının nəticəsində baş verir. Bu aydın məsələdir. Yəni burada ola bilsin ki, insan hüquqları ilə, azadlıqlarla bağlı problemlər də var. Amma ola bilsin ki, başqa məsələlər də var. Bir məsələni burada qeyd elədik. Həmişə deyirik ki, orada 27 milyon azərbaycanlı yaşayır. Biz - 7 milyonluq əhali 27 milyonun hüquqlarının müdafiəsi uğrunda mübarizə aparmağa başlamışıq. Təbii ki, biz hər dəfə öz qardaşlarımıza dəstək verməliyik, dəstək göstərməliyik. Amma Allah da deyir ki, səndən hərəkət, məndən bərəkət! Hərəkət olmayan yerdə bərəkət də olmur. Ona görə də bu məsələyə yanaşanda çox həssas yanaşmalıyıq, diqqətlə yanaşmalıyıq.
Bir məsələyə də mən xüsusi toxunmaq istəyirəm. Azərbaycan 16 ildir ki, müharibəyə cəlb olunubdur və bu gün Ermənistanı əhatə edən dövlətlər içərisində təkcə İran 16 ildir ciddi şəkildə ona yardım göstərir. Bizim cənublu qardaşlarımız daim ayağa qalxmalı və bu yardımın qarşısını almaqla bağlı çıxış eləməlidirlər. Münasibətlərini bildirməlidirlər ki, bizim ərazimizi işğal eləyən, bizim əhalimizə qarşı etnik təmizləmə siyasəti yeridən bir dövlətə İran tərəfindən daim yardım göstərilir.
Sədrlik edən. Sağ olun. Bu məsələlər ətrafında diskussiyaya başlasaq, çox uzanacaq. Vaxtımız yoxdur. Bu məsələ kiməsə maraqlıdırsa, bizdə komissiyalar var. Bir də söyləyirəm, istənilən vaxt deputatlar komissiyalarda yığıla bilər və bu məsələləri müzakirə eləyə bilərlər.
Xahiş eləyirəm, indi keçək gündəliyə. Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2005-ci il dövlət büdcəsinin icrası məsələsi Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyalarının birgə iclasında müzakirə edilmiş, onun Milli Məclisin sessiyasına çıxarılması qərara alınmışdır.
Yeni əsrin çox sürətlə ötüb keçmiş ilk beş ili alimlərin, analitiklərin və politoloqların verdiyi proqnozlara, qloballaşmaqda olan dünyanın yeni meyl və tələblərinin müəyyən edilməsinə, yaxın və perspektivli inkişaf proqramlarına düzəliş edilməsinə yekun vurmaq üçün bir növ çıxış nöqtəsinə çevrilmişdir. III minilliyin arxada qalan illəri Azərbaycanda həyatın bütün sahələrində keyfiyyət dəyişikliklərinin geniş miqyas alması ilə əlamətdar olmuşdur. Azərbaycanın inkişaf strategiyasının nə qədər düzgün olmasını həyat özü inandırıcı şəkildə təsdiq etmişdir. XXI əsrə dinamik inkişaf edən dövlət kimi qədəm qoymuş respublikamız üçün 2005-ci il, həqiqətən, tərəqqi və yüksəliş ili olmuşdur. Dövlət quruculuğunun möhkəmləndirilməsi, ölkə iqtisadiyyatının keyfiyyətcə yeni mərhələyə keçməsi, Bakı-Tbilisi-Ceyhan neft boru kəmərinin tikintisinin başa çatdırılması, digər qlobal və regional layihələrdə iştirak, Qərb və Şərq ilə tarazlaşdırılmış əməkdaşlıq siyasətinin həyata keçirilməsi istiqamətində atılan uğurlu addımlar, bir mənalı olaraq, bu qənaətə gəlməyə əsas verir ki, Azərbaycan dövləti ildən-ilə inkişaf edir, taleyüklü problemlərin həlli imkanlarını daha da genişləndirir. 2005-ci il büdcəsinin icrası da bu fikri bir daha təsdiqləyir.
Hesabat ilində ölkənin maliyyə imkanları genişlənmiş, iqtisadi inkişafla dövlət büdcəsi arasında qarşılıqlı əlaqə və asılılıq daha da möhkəmlənmiş, demokratik dəyişikliklərin iqtisadi əsaslarının yeni səviyyəyə çıxması üçün əlverişli şərait yaradılmışdır. Maliyyə sistemində baş verən müsbət dəyişiklikləri bilavasitə xarakterizə edən bir neçə faktı qeyd etmək istərdim. 2005-ci ildə dövlət büdcəsinin gəlirləri 2,1 milyard manat olmuşdur. Son beş il ərzində dövlət büdcəsinin gəlirləri 2,7 dəfə, büdcə xərcləri 2,8 dəfə artmışdır. Müsbət meyl kimi o da qeyd edilməlidir ki, büdcənin artma sürəti ümumi daxili məhsulun artımını az da olsa üstələmişdir. 2005-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 100,5 faiz icra olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 36,2 faiz çoxdur.
Büdcənin icrasının təhlilindən doğan daha bir mühüm nəticə ondan ibarətdir ki, büdcə gəlirlərinin formalaşmasını təmin edən mənbələrin əsasları daha da möhkəmlənmiş, ölkənin maliyyə sisteminin dayanıqlığı artmışdır. Büdcə daxilolmalarının 69,6 faizini Vergilər Nazirliyi, 18,3 faizini Dövlət Gömrük Komitəsi, qalan hissəsini sair mənbədən daxil olan gəlirlər təşkil etmişdir. Bu qurumların büdcə gəlirlərinin formalaşması vergi, gömrük, pul, kredit siyasətinin təkmilləşdirilməsi istiqamətində həyata keçirilən tədbirlərin səmərəsini artırmış, büdcəyə daxilolmalar üzrə tapşırıqlar yerinə yetirilmişdir. 2005-ci ildə 2004-cü illə müqayisədə vergi daxilolmaları 42 faiz artmışdır. Bu artım 2001-ci ildə 13,6; 2003-cü ildə 21,1; 2004-cü ildə 22,1 faiz olmuşdur.
Vergi Məcəlləsinə və digər qanunlara edilmiş dəyişikliklər vergi mədəniyyətinin, vergi intizamının yüksəlməsinə bilavasitə təsir etmişdir. Onu göstərmək kifayətdir ki, respublika üzrə mənfəət vergisi bəyannaməsini təqdim etməli olan 9952 vergi ödəyicisindən 9191 vergi ödəyicisi bəyannaməni vaxtında təqdim etmişdir. Bunun da nəticəsində könüllü əməletmə səviyyəsi 92,4 faiz təşkil etmişdir. Respublika üzrə “Fiziki şəxslərin gəlirləri” haqqında bəyannaməni təqdim etməli olan 5491 vergi ödəyicisindən 5118 vergi ödəyicisi bəyannaməni vaxtında təqdim etmişdir. Bunun da nəticəsində könüllü əməletmə səviyyəsi 93,2 faiz təşkil etmişdir. Xatırladaq ki, 3-4 il bundan qabaq bu barədə heç danışmaq da qeyri-mümkün idi.
Əlavə dəyər vergisi ödəyicilərinin dövriyyələrinin tam nəzarətə götürülməsi işi başa çatdırılmış və bu sahədə sabit artıma nail olunmuşdur. Vergi ödəyicilərinin ümumi dövriyyələri 2004-cü ilə nisbətən 2005-ci ildə 23,5 faiz artmışdır. Gömrük rüsumları üzrə daxilolmalar üzrə nəzərdə tutulmuş tapşırıqlar artıqlaması ilə yerinə yetirilmişdir. Dövlət Əmlakının İdarəolunması üzrə Dövlət Komitəsi tərəfindən dövlət əmlakının icarəyə verilməsindən icarə haqqı şəklində büdcə proqnozları da artıqlaması ilə yerinə yetirilmişdir.
2005-ci ildə də büdcə gəlirlərinin formalaşmasında neft amili aparıcı rola malik olmuşdur. İnkişafın indiki mərhələsində bu təbiidir. Müsbət hal kimi onun xüsusi çəkisinin azalması meylini qeyd etmək istərdim. 2005-ci ildə qeyri-neft sektorunun hesabına vergi daxilolmalarının payı 62 faiz təşkil etmişdir. Halbuki 2001-ci ildə bu rəqəm 53,8 faiz idi. Komissiyalarda belə bir fikir səsləndi ki, qeyri-neft sektorunun vergi daxilolmalarında payının artması prosesi daha da güclənməlidir. 2005-ci il üzrə büdcənin təhlili göstərir ki, müəyyən edilmiş strateji proqramlar büdcənin neft amilindən asılılığının azalması üçün böyük imkanların olmasından xəbər verir.
Hesabat ilində daha bir müsbət meyl özünü göstərmişdir. Büdcəyə vergi daxilolmalarında fiziki şəxslərdən gəlir vergisi və hüquqi şəxslərdən mənfəət vergisinin rolu artmışdır. Eyni zamanda, bu faktı da, hörmətli Sədr, Milli Məclisin üzvləri, sizin nəzərinizə çatdırmaq istəyirəm ki, bu sahədə ciddi ehtiyat mənbələri var. Belə mənbələrdən biri də gizli əmək haqqı dövriyyəsidir. Bu, demək olar ki, əksər dövlətlərdə, xüsusilə, postsovet ölkələrində ciddi problem olaraq qalır. Pul gəlirlərində əmək haqqının xüsusi çəkisinin aşağı olmasının səbəblərindən də biri budur.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Vergilər Nazirliyi və Sosial Müdafiə Fondunun apardığı araşdırmalar göstərir ki, mənfəət vergisi ödəyicilərinin təqdim etdiyi bəyannamələrin xeyli hissəsində əmək haqqı xərcləri göstərilməmişdir. Gizli əmək haqqı dövriyyəsi, bütövlükdə gəlirlərin gizlədilməsi dövlət büdcəsi üçün böyük məbləğdə vəsait itkisi deməkdir. İqtisadi inkişaf göstəricilərinin yaxşılaşması özünü həmçinin mənfəət üzrə büdcə daxilolmalarında da göstərmişdir. 2004-cü ilə nisbətən 2005-ci ildə mənfəət 59,1 faiz çoxalmış, bu göstərici üzrə büdcə tapşırıqları yerinə yetirilmişdir. Lakin büdcənin icrasının təhlilindən çıxarılan bir nəticə də ondan ibarətdir ki, mənfəət kateqoriyası, onun iqtisadi həyatda istifadə olunması səviyyəsi günün tələblərinə cavab vermir. Komissiyaların birgə iclasında bu fikir də səsləndi ki, müvafiq qurumlar real sektorun ayrı-ayrı sahələri üzrə mənfəət, rentabel göstəricilərinin təhlilinə diqqəti artırmalı, onların informasiya bazasının təkmilləşdirilməsi ilə bağlı konkret tədbirlər həyata keçirməlidir.
Bir məsələni də millət vəkillərinin nəzərinə çatdırmaq istərdim ki, Azərbaycanda artıq azad bazar münasibətlərinin inkişafı istiqamətində çox böyük işlər görülüb. Ümumi daxili məhsulun 77-78 faizi özəl sektorun payına düşür. Özəl sektorun vergi daxilolmalarda payı bu gün 53 faiz təşkil edir. Təbii ki, burada tamamilə eyni rəqəmlərə nail olmaq üçün hələ vaxt lazımdır. Ancaq Azərbaycan iqtisadiyyatında belə bir müsbət meyl özünü göstərir ki, 2001-ci ilə nisbətən qeyri-neft sektorunun vergi daxilolmalarda xüsusi çəkisi 39 faizdən 53,3 faizə qalxmışdır. Komissiyada belə bir fikir vurğulandı ki, bu sahədə respublikamızda ehtiyat mənbələri çoxdur və bu ehtiyat mənbələrinin də büdcəyə daxilolmalarda rolunu artırmaq olar.
Büdcə xərclərinin icrası ilə əlaqədar olaraq komissiyalarda aşağıdakı fikirlər səsləndi. Birincisi, büdcə xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi az da olsa artmağa meyl edib. Büdcə xərclərinin proqnoza qarşı icrası 97,3 faiz təşkil etmişdir ki, bu da son 8 ildə ən yüksək göstəricidir. Ümumiyyətlə, 1998-ci ildən başlayaraq bu rəqəmin artması meyli özünü göstərir. Təbii ki, bütövlükdə 100 faiz icranı təxmin etmək mürəkkəb məsələdir. Burada subyektiv amillər də var, amma bir sıra maddələr üzrə ayrılmış vəsaitlərin daha yüksək yerinə yetirilməsi səviyyəsinə nail olmaq mümkündür. Bu barədə komissiyanın iclasında deputatlar Vahid Əhmədov, Arif Rəhimzadə, Nazim Məmmədov, Əli Məsimli, Xanhüseyn Kazımlı və digərləri konkret faktlarla çıxış etdilər.
Büdcənin icrası ilə bağlı materialların təhlili bir daha təsdiq edir ki, büdcə planlaşmasında qalıq prinsipindən uzaqlaşma daha ciddi şəkildə qoyulmalıdır. Siz bilirsiniz ki, sosializm cəmiyyətində belə bir prinsip vardı: hər ilə nisbətən müəyyən dərəcədə artım olmalıdır. Biz yavaş-yavaş qalıq prinsipindən azad olmalıyıq. Müstəqil dövlətik və müstəqil dövlətin maliyyə imkanları, valyuta ehtiyatları ildən-ilə möhkəmlənir. Bu istiqamətdə strateji proqramların həyata keçirilməsi bizim fəaliyyətimizin daha da canlanmasını tələb edir.
Səhiyyə ilə bağlı rəqəmlər səsləndi. Araşdırmalar göstərir ki, səhiyyədə hətta mövcud maliyyə çərçivəsində belə çətin vəziyyətin yaranmasının qarşısı müəyyən dərəcədə alına bilərdi. Mən adambaşına düşən səhiyyə xərcləri barədə danışmaq istəmirəm. Burada icra olunan materiallar, sizə təqdim olunan materiallar var. Ancaq Prezident İlham Əliyevin səhiyyədə yaranmış vəziyyətin sağlamlaşdırılması üçün irimiqyaslı tədbirlərin görülməsini ən strateji əhəmiyyət kəsb edən vəzifə kimi qiymətləndirməsi artıq özünün müsbət nəticələrini göstərməkdədir. Təkcə son aylarda Azərbaycan səhiyyəsinə ayrılan xərclərin xeyli artması, ümumiyyətlə, cəmiyyətdə çox böyük müsbət əhval-ruhiyyəyə səbəb olmuşdur.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə bağlı 2005-ci ildə görülən işlər gələcəyə ümidlə baxmağa əsas verir. Bu istiqamətdə də büdcənin icrasında müsbət dəyişikliklər göz qabağındadır. 2005-ci ildə bu sahəyə ayrılmış vəsaitlər 2000-2003-cü illər üzrə ayrılmış vəsaitlərdən 1,5 dəfə çox olmuşdur. Amma biz hamımız Vətən torpağının övladlarıyıq və bilirik ki, XXI əsrdə elmi, təhsili, sağlamlığı yüksək olan xalq, dövlət qloballaşan dünyanın üstünlüklərindən daha da faydalanacaq, üzləşdiyi çətinlikləri dəf etməyə qadir olacaqdır. Ona görə də bu sahə üzrə büdcə proqnozlarının daha əsaslı olması,həmin sahənin inkişafı üçün digər maliyyə mənbələrinin dövriyyəyə cəlb edilməsi müqəddəs vəzifələrdən sayılmalıdır.
Büdcənin icrasının təhlilindən doğan bir məsələni də qeyd etmək istərdim. Bu gün sosial sahədə islahatlar aparılır, əmək haqqının artması üçün tədbirlər həyata keçirilir. Amma sosial sahədə problemlərin həllini əmək haqqının artması ilə yanaşı, digər amillərlə əlaqələndirməliyik. Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, digər əlaqədar qurumların birgə səyi ilə məqsədli proqramların hazırlanması və onların ünvanlı maliyyələşməsi, heç şübhəsiz ki, müsbət nəticə verərdi. Deputat Əli Məsimli komissiyanın iclasında elmə ayrılan xərclərin son dərəcə aşağı olmasını faktlarla izah etdi. Bu məsələnin həllində Samir müəllimlə də danışdıq. Mən hesab edirəm ki, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Elmlər Akademiyası artıq işçilərin sayına görə yox, Azərbaycanın strategiyasının inkişafına, Azərbaycanın iqtisadiyyatının inkişafına kömək edən məqsədli proqramların hazırlanmasına nail olsa, təbii ki, biz qloballaşan dünyada elmə ayrılan xərclərin, onun strukturunun təkmilləşməsinə nail ola bilərik.
2005-ci ilin büdcəsinin təhlilindən çıxarılan mühüm nəticələrdən biri də odur ki, Azərbaycan dövləti beynəlxalq əməkdaşlıq sazişlərinə, öhdəliklərinə sadiqlik nümayiş etdirir. Bu baxımdan büdcənin xərclərində xarici borclara xidmətlə bağlı görülən tədbirlər təqdirəlayiq hesab edilməlidir. Dinamik inkişaf nəticəsində Azərbaycanın xarici borcunun ümumi daxili məhsula nisbəti ildən-ilə azalmağa meyl edir və hazırda 12,9 faiz təşkil edir. Komissiyalar elə hesab edir ki, bu rəqəmlər bizi arxayınlaşdırmamalıdır. Biz borc alan ölkədən borc verən ölkəyə çevrilə bilərik. Borcun qabaqcadan ödənilməsi müzakirə obyekti ola bilər. Məsələn, Rusiya bu addımı atmaqla xeyli miqdarda vəsaitə qənaət edib. Ümumi daxili məhsulda borcun xüsusi çəkisini aşağı salıb. Ümumiyyətlə, Azərbaycana daxil olacaq külli miqdarda gəlirlər kontekstində borc siyasətinə, alınan kreditlərin strukturu məsələsinə həssaslıqla yanaşmaq obyektiv zərurətə çevrilib və bu barədə deputat həmkarlarım da dəyərli fikirlər söylədilər.
Komissiyalar belə hesab edir ki, büdcə proqnozları hazırlanarkən iqtisadiyyata sistemli yanaşma, investisiya və struktur siyasətinin təkmilləşdirilməsi, ölkənin iqtisadi təhlükəsizliyinin təmin edilməsi amilləri daha əsaslı şəkildə nəzərə alınmalıdır. Dövlət gəlirlərinin artmasında, ümumiyyətlə, azad bazar münasibətlərinin inkişafında sığorta bazarının inkişafına ciddi ehtiyac var. Bu gün Azərbaycanda sığorta bazarı ilə əlaqədar olaraq müəyyən addımlar atılsa da, onun səviyyəsi, gördüyü işlər maliyyə sisteminin digər sektorlarında, o cümlədən bank-kredit sektorunda baş verən dəyişikliklərlə ayaqlaşmır. Daha bir məsələ - real iqtisadiyyatın qeyri-neft sektorunun inkişafında büdcənin rolunun artması aktuallıq kəsb edən məsələlərdəndir. Büdcə xərclərinin strukturu dediklərimizi bir daha təsdiq edir.
Hörmətli Sədr, mən hesab edirəm ki, 2006-cı ilin büdcəsinin icrası ilə əlaqədar olaraq izahatlarda, müzakirələrdə biz artıq bu sahədə görülmüş müsbət işlərdən daha çox danışa bilərik. Çünki cənab Prezidentin sənaye proqramının hazırlanması, investisiya fondunun yaradılması ilə əlaqədar irəli sürdüyü tədbirlərin həyata keçirilməsi, ümumiyyətlə, büdcə xərclərinin strukturunda çox böyük müsbət dəyişikliklərə səbəb olacaqdır. Daha bir məsələ - dövlət başçısının birbaşa nəzarəti ilə ölkədə yoxsulluğun azaldılmasına, regionların inkişafının sürətləndirilməsinə, yeni iş yerlərinin yaradılmasına dair məqsədli proqramlar həyata keçirilir. Təbii ki, bu proqramların həyata keçirilməsində dövlətin xeyli maliyyə resursları da səfərbər edilir. Bütün bunlarda büdcənin iştirakı nə dərəcədədir? Büdcənin icrası nəticəsində xərclərin regionlar üzrə bölüşdürülməsində böyük xərclər nə dərəcədə azaldılır? Komissiyanın iclasında xüsusi olaraq vurğulandı ki, büdcə siyasətinin səmərəsini artırmaq üçün rəqabət qabiliyyətinin və əhalinin həyat rifahının yüksəldilməsi istiqamətində daha təsirli addımların atılmasına ehtiyac vardır.
Prezident İlham Əliyevin təbirincə desək, həyatımızın bir sıra sahələrinin beynəlxalq standartlara cavab verməsi üçün hələ çox iş görülməlidir. Ona görə də dövlət büdcəsinin daha səmərəli, miqyaslı formalaşması, büdcənin icrasına nəzarət, maliyyə sistemində şəffaflıq mexanizminin təkmilləşməsi qarşıdakı dövrün ən vacib məsələlərindən sayılmalıdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məlumat üçün bildirim ki, büdcənin icrası barədə vaxt məhdudiyyətlərinə baxmayaraq, sessiya ərəfəsində Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Hesablama Palatasının rəhbərliyi ilə, professional mütəxəssislərlə çoxsaylı səmərəli müzakirələr aparmışıq. Büdcə tərtibatının gələcəkdə yaxşılaşmasının, şəffaflığının təmin edilməsinə xidmət edən təkliflər, tövsiyələr barədə fikir mübadiləsi etmişik. Ümumi nəticə ondan ibarətdir ki, 2005-ci ildə büdcə sistemi Azərbaycanın sosial-iqtisadi inkişafına əvvəlki illərə nisbətən daha əlverişli şərait, gələcək keyfiyyətli davamlı inkişaf üçün möhkəm zəmin yaratmışdır. Hörmətli deputatlar, ona görə də müzakirə olunan məsələyə müsbət münasibət bildirməyinizi xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Əyləşin. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifov.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2005-ci il dövlət və icmal büdcələrinin icrası ölkə Prezidenti möhtərəm İlham Əliyevin Azərbaycan dövlətinin qüdrətlənməsi, hərbi-sənaye potensialının gücləndirilməsi, iqtisadiyyatımızın hərtərəfli inkişafının stimullaşdırılması, əhalinin, ilk növbədə, onun aztəminatlı təbəqəsinin maddi rifah halının yaxşılaşdırılması, sahibkarlığın təşviq edilməsi, dövlətin investisiya qoyuluşunun artırılması hesabına ölkənin nəqliyyat, energetika, kənd təsərrüfatı, irriqasiya, səhiyyə, təhsil və digər infrastrukturlarının əsaslı bərpası və yenidən yaradılması, dövlətimizin beynəlxalq və regional miqyasda mövqelərinin möhkəmləndirilməsinə yönəldilmiş siyasi və iqtisadi kursunun həyata keçirilməsində vacib maliyyə amili olmaqla yanaşı, mühüm və nəzərə çarpan mərhələ kimi səciyyələndirilə bilər.
Müasir Azərbaycanın qurucusu, ümummilli liderimiz cənab Heydər Əliyevin XX əsrin sonunda müstəsna siyasi dahilik və məharəti hesabına ölkəmizdə bərqərar etdiyi ictimai-siyasi sabitliyə söykənən milli neft strategiyasının və radikal iqtisadi islahatların həyata keçirilməsi nəticəsində yaradılmış münbit iqtisadi şəraitə əsaslanan bu siyasi-iqtisadi kurs 2005-ci ili yeni Azərbaycan tarixində sürətli və dinamik inkişaf ilinə çevirməklə ümumi daxili məhsulun 26,4 faizlik artım tempinin əldə edilməsini, əhalinin pul gəlirlərinin 27 faiz, əmanətlərinin ümumi məbləğinin 24,5 faiz, orta aylıq əmək haqqının 22 faiz artımını təmin etmişdir. Hörmətli Sədr, hörmətli millət vəkilləri, 2005-ci il icmal büdcənin gəlirləri 15 trilyon 584 milyard manat və ya 17 faiz çox, xərcləri 13 trilyon 846 milyard manat və 97,6 faiz icra edilmişdir. Bu da 2004-cü illə müqayisədə gəlirlər üzrə 40,6 faiz, xərclər üzrə 34,1 faiz çoxdur. İcmal büdcədə 1 trilyon 738 milyard manat profisit, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan isə 1 trilyon 563 milyard manat kəsir qeydə alınıb.
2005-ci ildə dövlət büdcəsinin gəlirləri 10 trilyon 276 milyard manat və ya 100,5 faiz icra olunmuşdur ki, bu da 2004-cü ilə nisbətən 2 trilyon 729 milyard manat və ya 36,2 faiz çoxdur. Dövlət büdcəsi gəlirlərinin ümumi daxili məhsulun tərkibindəki xüsusi çəkisi 17,3 faiz təşkil etmişdir. Vergilər Nazirliyi proqnoza 100,3 faiz əməl etmiş, büdcəyə nəzərdə tutulduğundan 19,7 milyard manat, 2004-cü illə müqayisədə isə 43,5 faiz çox vəsait toplamışdır. Toplanmış vəsaitin 45,8 faizi və ya 3 trilyon 200 milyard manatı 9 iri vergi ödəyicilərinin payına düşmüşdür ki, bu da 2004-cü illə müqayisədə 912,1 milyard manat və ya 40 faiz çoxdur.
2005-ci ildə Dövlət Gömrük Komitəsi proqnoza 107,5 faiz və ya əvvəlki illə müqayisədə 578 milyard manat çox əməl edərək, büdcəni 1 trilyon 900 milyard manat vəsaitlə təmin etmişdir. Dövlət Neft Fondu tərəfindən büdcəyə 750 milyard manat vəsait yönəldilməklə proqnoza tam əməl olunmuşdur.
Dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə büdcəyə 340,4 milyard manat və ya ötən illə müqayisədə 5,5 faiz, xərcləri isə 338,5 milyard manat və ya 18,5 faiz çox icra edilmişdir. Büdcə daxilolmalarında ciddi addımların əldə edilməsinə baxmayaraq, ölkədə, zənnimizcə, hələ böyük vergi potensialı mövcuddur ki, onların da büdcəyə cəlb edilməsi üçün xeyli işlər görülməlidir. 2005-ci ildə dövlət büdcəsinin xərcləri 11 trilyon 16 milyard manata qarşı 10 trilyon 703 milyard manat və ya 97,2 faizlə icra olunmuşdur ki, bu da 2004-cü illə müqayisədə 3 trilyon 193 milyard manat və ya 42,5 faiz çoxdur. Xərclərin icra faizi əvvəlki ilə nisbətən 1,3 faiz artmış, onun ümumi daxili məhsulda xüsusi çəkisi 0,4 faiz artaraq 18 faiz təşkil etmişdir. Daxil olan vəsaitin 52 faizi və ya 5,6 trilyon manatı sosial yönümlü xərclərə yönəldilməklə, 2004-cü illə müqayisədə 31,5 faiz çox olmuşdur.
2004-cü ilə nisbətən 2005-ci ildə iqtisadi fəaliyyətlə bağlı xərclərə 70,3 faiz, müdafiə xərclərinə 65,4 faiz, sənaye və tikinti xərclərinə 63,6 faiz, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 57,6 faiz, səhiyyə xərclərinə 56,8 faiz, nəqliyyat və rabitə xərclərinə 48,1 faiz, elm xərclərinə 43,9 faiz, mədəniyyət və bədən tərbiyəsi xərclərinə 32,5 faiz, sosial müdafiə və sosial təminat xərclərinə 29 faiz, təhsil xərclərinə 26,7 faiz, mənzil-kommunal təsərrüfatı xərclərinə 10, 3 faiz çox vəsait yönəldilmişdir. Əvvəlki ilə nisbətən 2005-ci ildə icra faizi elm xərcləri üzrə 2,6 faiz, təhsil xərcləri üzrə 3 faiz, səhiyyə xərcləri üzrə 2,4 faiz, kənd təsərrüfatı xərcləri üzrə 0,9 faiz, müdafiə xərcləri üzrə 0,6 faiz, sosial təminat xərcləri üzrə 0,5 faiz, mədəniyyət, incəsənət, bədən tərbiyəsi və gənclər siyasəti xərcləri üzrə 0,3 faiz, nəqliyyat və rabitə xərcləri üzrə 0,1 faiz artmışdır.
2005-ci ildə sənaye və tikinti xərclərinin tərkib hissəsi olan əsaslı vəsait qoyuluşu, investisiya xərcləri 800 milyard manat və ya 2004-cü ilə nisbətdə 68,4 faiz çox icra olunmuşdur. Bu vəsait hesabına bir sıra mühüm dövlət əhəmiyyətli layihələrin həyata keçirilməsinə, o cümlədən Naxçıvanın qaz təminatı üzrə bərpa işlərinə 84,5 milyard manat, Gəncə hava limanının yenidən qurulmasına 65 milyard manat, Vayxır hidro-qovşağının tikintisinə 42,3 milyard manat, ölkənin suvarma infrastrukturunun bərpasına, yeni su anbarının tikintisinə, çaylarda sahil bərkitmə işlərinin və meliorasiya işlərində baş verən qəza vəziyyətlərinin aradan qaldırılmasına 50,9 milyard manat, o cümlədən Taxtakörpü su anbarının tikintisinə 7,1 milyard manat, Bala Kürün məcrasının təmizlənməsi və Xəzər dənizində dərinləşmə işlərinin aparılmasına 6 milyard manat, Xanbulançay su anbarının bərpasına və mühafizəsinin gücləndirilməsinə 6 milyard manat, Qazax rayonunda Goğazçay su anbarında yaranmış qəza vəziyyətinin aradan qaldırılmasına 5,6 milyard manat və bir sıra rayonlarda subartezian quyularının qazılmasına 4,9 milyard manat vəsait yönəldilmişdir.
Əhalinin və istehsal obyektlərinin su ilə təminatını yaxşılaşdırmaq məqsədilə hesabat ilində regionların su təchizatı və kanalizasiya sistemlərinin tikintisinə, yenidən qurulmasına, bərpasına və təmirinə 58,5 milyard manat, o cümlədən Lənkəran şəhərinə 2,3 milyard manat, Qusar rayonuna 2,2 milyard manat, Cəlilabad şəhərinə 1,9 milyard manat, Xanlar şəhərinə 1,8 milyard manat vəsait yönəldilmişdir. 2005-ci ildə sosial obyektlərin tikintisinə, bərpasına və təmirinə əhəmiyyətli dərəcədə vəsait ayrılmışdır. Belə ki, təhsil, səhiyyə, mədəniyyət, sosial təminat, idman obyektlərinə 101,5 milyard manat, o cümlədən yeni məktəblərin tikintisinə, mövcud məktəblərdə əlavə sinif otaqlarının tikintisinə və əsaslı təmirinə 44 milyard manat, səhiyyə və tibb obyektlərinin tikintisinə və əsaslı təmirinə 23,9 milyard manat, idman komplekslərinin tikintisinə 24,3 milyard manat xərclənmişdir.
Ölkə ərazisində baş vermiş təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasına, habelə qəza vəziyyətində olan yaşayış evlərində sosial və infrastruktur obyektlərində bərpa-gücləndirmə işlərinin aparılmasına 23,5 milyard manat vəsait istifadə olunmuşdur. Son illərdə ölkə rəhbərliyi tərəfindən Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün yaşayış evlərinin tikintisinə xüsusi diqqət yetirilmiş, bu məqsədlə respublikanın 21 rayon və şəhərində 350 mənzili özündə birləşdirən yaşayış evlərinin tikintisinə 14,6 milyard manat vəsait ayrılmış, o cümlədən Gəncə şəhərində 40 mənzilli, Sumqayıtda 50, Ağdaşda 24, Qubada 30, Zaqatalada 30, Neftçalada 30, Samuxda 24, Oğuzda 20, Mingəçevirdə 24, Daşkəsəndə 8 mənzilli yaşayış evləri tikilmişdir.
Bakı şəhərinin nəqliyyat-kommunikasiya sistemlərinin yaxşılaşdırılması, o cümlədən yeraltı nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə 2005-ci ildə Bakı metropoliteninin tikintisi və yenidən qurulmasına 17,9 milyard manat vəsait yönəldilmiş, o cümlədən “28 May” stansiyasında yenidənqurma işlərinə 6 milyard manat, Şimal sahəsinin üçüncü növbəsinin tikintisinə 1,4 milyard manat, avadanlıqların və dəzgahların alınması və təmirinə 3,8 milyard manat, metroya giriş üçün elektron kart sisteminin tətbiqi ilə əlaqədar avadanlıqların alınmasına 6,6 milyard manat vəsait ayrılmışdır.
Dövlət investisiya xərcləri çərçivəsində 2005-ci ildə icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaiti hesabına iki mühüm layihənin – qaçqınların və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması və məskunlaşdırılması problemlərinin layihəsi üzrə Ağdam rayonunun ərazisində tam sosial-məişət infrastrukturlarına malik olan qəsəbələrin salınmasına 202 milyard manat və Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsi üçün 205 milyard manat vəsait ayrılmışdır.
2005-ci ildə minimum aylıq əmək haqqı 150 min manata çatdırılmışdır ki, bu da büdcədən maliyyələşən təşkilatlarda çalışan 630 min nəfərə yaxın işçinin əmək haqlarının artırılmasına şərait yaratmışdır. Bu məqsədə 660 milyarddan çox vəsait yönəldilmişdir. Dövlət qulluğu vəzifələrinin təsnifatı sxeminə şamil edilməyən 22 təşkilatda, o cümlədən Milli Elmlər Akademiyası, Mərkəzi Seçki Komissiyasının İnformasiya Mərkəzi, Dövlət İdarəçilik Akademiyası, Milli Ensiklopediya, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyəti, Dövlət arxivlərində çalışan işçilərin vəzifə maaşlarının artırılması üçün 17 milyard manat vəsait nəzərdə tutularaq, icrası təmin edilmişdir.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması, bu sahədə yüksək nəticələrin əldə edilməsi, mövcud əmək bazarının tələblərinə cavab verən kadr potensialının yaradılması məqsədi ilə təqaüdlərin stimullaşdırıcı rolu önə çəkilmiş, hesabat ilində aspirantların, tələbələrin təqaüdləri 2,5 dəfə artırılmışdır.
Aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi tədbirlərinin davamı kimi, məcburi köçkünlərin aylıq yemək xərcləri 20 faiz, işləməyən əmək pensiyaçılarının pensiya və müavinətlərinin minimum xərci 25 faiz artırılmışdır.
2005-ci ildə incəsənət xadimlərinə Azərbaycan Respublikası Prezidentinin mükafatları təsis edilməsi, Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması, dövlətin ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı “Müharibə veteranı” statusu almış şəxslərə müavinətin verilməsi, 1941-1945-ci illər müharibəsi veteranlarına qələbənin 60 illiyi ilə əlaqədar birdəfəlik yardımın edilməsi, “Azərbaycanın Milli Qəhrəmanı” adı verilmiş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi üçün dövlət büdcəsində nəzərdə tutulmuş vəsaitlər tam istifadə edilmişdir.
Hesabat ilində Azərbaycanın beynəlxalq aləmdə imicinin, diplomatik xidmətinin əhatə dairəsinin genişləndirilməsi üçün ciddi addımlar atılmışdır. Fransa, Hindistan, Gürcüstan, Latviya, Moldova, İspaniya, ABŞ, Yaponiya, Maca-
rıstan, İndoneziyada səfirlik və nümayəndəliklərin maddi-texniki təminatının daha da yaxşılaşdırılmasına, investisiya xərclərinə və dövlət büdcəsinin Ehtiyat Fonduna əlavə 68 milyard manat vəsait ayrılmışdır. Ölkə Prezidentinin dövlətin neft və qaz gəlirlərinin idarə olunması üzrə imzaladığı uzunmüddətli strategiyasının tərkib hissəsi olaraq ixrac neftin satış qiymətinin fərqi hesabına xəzinəyə toplanmış 316,5 milyard manat vəsait daha səmərəli idarə olunmaq üçün Dövlət Neft Fonduna köçürülmüşdür.
Mühüm və çox ciddi problemlərdən biri də gənc nəslin sosial-məişət və mənzil şəraitinin yaxşılaşdırılması üçün maliyyə mənbələrinin tapılması olmuşdur. “İpoteka haqqında” Qanunun tətbiqi ilə əlaqədar 2005-ci ilin dövlət büdcəsində 30 milyard manat vəsait nəzərdə tutulmuş və ilin sonunda yeni yaradılmış İpoteka Fondunun hesabına köçürülmüşdür.
Kənd təsərrüfatının inkişafı, ölkənin idxal yükünün azaldılması məqsədi ilə əsas ərzaq və qeyri-ərzaq məhsullarına olan tələbatın daxili istehsal hesabına daha dolğun təmin ediləsi üçün kənd təsərrüfatı məhsullarının istehsalçılarına aqro-texniki xidmət və lizinq məqsədi ilə 2005-ci ildə nəzərdə tutulmuş 100 milyard manat bütövlükdə istifadə olunmuşdur. Ölkədə istehsal müəssisələrinin fəaliyyətinin daha da genişləndirilməsi, ixrac yönümlü məhsul istehsalının stimullaşdırılması, yerli sahibkarlığın inkişafı yolu ilə əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsi məqsədi ilə 2005-ci ildə sahibkarlığın inkişafı ilə bağlı nəzərdə tutulmuş 200 milyard manat vəsait sərf edilmişdir. 2005-ci ildə dövlət büdcəsinin icra olunmamış xərclərinin 31,8 faizi əməyin ödənişi fonduna, 14,9 faizi pensiya, müavinət, təqaüd və əhaliyə sair ödənişlərin maliyyələşməsinə, 14,8 faizi əsaslı xərclərə, 9 faizi inventarların alınmasına, 7,5 faizi sair cari xərclərə, 5,6 faizi nəqliyyat, kommunal xidmətləri haqlarının ödənilməsinə, 5,2 faizi dərman və sarğı ləvazimatlarının, ərzaq məhsullarının alınmasına, 12,2 faiz isə digər xərc maddələrinə yönəldilmişdir.
2005-ci ildə dövlət büdcəsinin xərcləri 2,8 faiz az icra edilmişdir ki, bu da əsasən kommunal xərclərə (su, qaz, işıq) qənaət edilməsi, məktəbəqədər uşaq müəssisələrində keçirilən tədbirlərin əsasən başqa təşkilatların vəsaiti hesabına ödənilməsi, bir sıra büdcə təşkilatlarında vakant vəzifələr hesabına olmuşdur. 2006-cı il yanvarın 1-i tarixindən dövlətin daxili borcu 174,1 milyard manat, o cümlədən dövlət qısa müddətli istiqraz vərəqələri üzrə 27,9 milyard manat, “Kapital Bank” Səhmdar Bankının zəruri kapitala və limitliyə olan tələbatını ödəmək məqsədi ilə buraxılmış dövlət qiymətli kağızları üzrə 10,2 milyard manat, mərkəzləşdirilmiş kredit resursları üzrə Azərbaycan Respublikası Milli Bankının silinmiş əsas borcu məbləğində yerləşdirilmiş dövlət qiymətli kağızları üzrə 62,9 milyard manat olmuşdur.
2006-cı il 1 yanvar tarixinə beynəlxalq maliyyə-kredit və digər kreditor təşkilatlarla ölkədə həyata keçirilən iqtisadi islahatların dəstəklənməsi və ayrı-ayrı prioritet hesab edilən layihələrin maliyyələşdirilməsi məqsədi ilə 3 milyard 455 milyon ABŞ dolları məbləğində kredit sazişləri imzalanmışdır. Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə respublikanın xarici dövlət borcunun ümumi məbləği təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 1 milyard 651 milyon ABŞ dolları olmuşdur. İstifadə edilmiş kreditlərə görə xarici dövlət borcu ümumi daxili məhsulun 12,9 faizini təşkil etmişdir. Digər MDB ölkələri ilə müqayisədə adambaşına düşən xarici dövlət borcuna və borcun ödənilmə nisbətinə görə Azərbaycan ən aşağı yerlərdə duran ölkələr sırasındadır. İmzalanmış layihələr sırasında Şimal - 2 elek-
trik stansiyasının tikintisi üçün 280 milyon ABŞ dolları, İmişli-Əli Bayramlı, Astara elektrik xətti üçün 68 milyon ABŞ dolları, Yevlax-Gəncə avtomobil yolu üçün 10,4 milyon ABŞ dolları, Bakı-Quba avtomobil yolu üçün 180 milyon ABŞ dolları, Taxtakörpü - Vəlvələçay kanalı üçün 28,4 milyon ABŞ dolları, Sumqayıt buxar qaz qurğusunun tikintisi üçün 390 milyon ABŞ dolları, elektrik ötürücü sisteminin tikintisi üçün 48 milyon ABŞ dolları, Bakı-Şəmkir avtomobil yolu üçün 100 milyon ABŞ dolları, məcburi köçkünlər üçün infrastrukturların tikintisinə 10,4 milyon ABŞ dolları nəzərdə tutulmuşdur.
Dövlət büdcəsindən yönəldilən vəsaitlər nəzərə alınmaqla 2005-ci il ərzində xarici dövlət borcuna xidmətlə əlaqədar 125,6 milyon ABŞ dolları məbləğində ödənişlər həyata keçirilmişdir. Bu gün xarici kreditlərə və dövlət borcuna xidmət fondunun idarə olunması müasir texnologiya və proqram təminatı əsasında həyata keçirilir. 2005-ci il dövlət büdcəsinin ehtiyat fondundan büdcədə nəzərdə tutulmayan bir sıra xərclərin, o cümlədən Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin keçirilməsinə, İctimai Televiziya və Radio Yayımları Şirkətinin inzibati binasının təmirinə və texniki avadanlıqların alınmasına, Pakistan İslam Respublikasında, Amerika Birləşmiş Ştatlarında, Cənub və Cənub-Şərqi Asiyada, Gürcüstanda baş vermiş təbii fəlakətdən zərər çəkənlərə humanitar yardım göstərilməsinə, Böyük Vətən müharibəsində qələbənin 60 illik yubileyi münasibəti ilə müharibə əlillərinə pulsuz minik avtomobillərinin alınmasına yönəldilmişdir.
Hesabat ilində ölkənin şəhər və rayonlarının yerli xərcləri 97,7 faiz icra olunmaqla 2004-cü illə müqayisədə 25,3 faiz çox olmuşdur. Naxçıvan Muxtar Respublikasının büdcəsinin gəlir və xərclərini tənzimləmək üçün mərkəzləşdirilmiş xərcdən 1,6 trilyon manat dotasiya və maliyyə yardımı ayrılmışdır ki, bu da 2004-cü illə müqayisədə 29,8 faiz çoxdur. 2005-ci il dövlət büdcəsinin 794 milyard manat kəsirlə proqnozlaşmasına baxmayaraq, faktiki kəsir 427,3 milyard manat olmaqla ümumi daxili məhsula nisbətən 0,7 faiz olmuşdur.
Sağlam büdcə praktikasının təşkili üçün 2005-ci ildə mövcud hüquqi bazanın təkmilləşdirilməsi və onun beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində bir sıra vacib addımlar atılmışdır. “Dövlət rüsumu haqqında”, “Qiymətli metallar və qiymətli daşlar haqqında” qanunlar qəbul edilmiş, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə Vergi Məcəlləsinə əlavə və dəyişikliklər olunmuş, vahid büdcə təsnifatının, xəzinədarlığın sonuncu kompüterləşdirmə mərhələsinin tətbiqi, pensiya islahatlarının həyata keçirilməsi və ünvanlı dövlət yardımının fərdi uçot sisteminin qurulması üçün hazırlıq işləri görülmüşdür. İndiki sosial-iqtisadi artım dövrünə qədəm qoymuş ölkəmizin büdcə, o cümlədən investisiya qoyuluşu xərcləri durmadan artır.
Dövlət büdcəsi xərclərində xüsusi çəkiyə malik olan investisiya layihələrini həyata keçirən icra hakimiyyəti orqanları, büdcə təşkilatları, dövlətə məxsus səhmdar cəmiyyətləri və kommersiya qurumları yeni iqtisadi şəraitə uyğunlaşmaqla vəsaitlərin səmərəli istifadəsini artırmalı, göstərilən xidmət və tikinti-quraşdırma işlərində dövlət satınalmalarının şərtlərinə ciddi riayət edilməsi üçün əməli tədbirlər görməlidir. Bununla yanaşı, investisiya yönümlü xərclərin proqnozlara uyğun icra olunması da təmin edilməlidir.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! 2005-ci il dövlət və icmal büdcələrinin icrası möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə dinamik inkişafın və ahəngdar iqtisadi artımın təmin edilməsində mühüm rol oynamış, cari ildə isə ölkə iqtisadiyyatının inkişaf templərinin daha da sürətləndirilməsi üçün əsaslı zəmin yaratmışdır. 2006-cı ilin birinci rübündə ölkə iqtisadiyyatının yekunları bunu tam əminliklə deməyə əsas verir.
Çıxışımın sonunda Milli Məclisin komissiyalarında 2005-ci il dövlət büdcəsinin icrası ilə bağlı məsələnin ətraflı və dəyərli müzakirələrində iştirak etmiş millət vəkillərinə minnətdarlığımı bildirir, bütün millət vəkillərini dövlət büdcəsinin icrası barədə hesabatı məqbul hesab edərək təsdiq etməyə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Milli Məclisə təqdim olunmuş Azərbaycan Respublikasının 2005-ci ilin dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini Abbas Allahverdiyev.
A. Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2005-ci ilin dövlət büdcəsinin icrası ilə əlaqədar ətraflı məlumat verilmiş və rəy bütün millət vəkillərinə paylandığına görə mən bəzi məqamları qeyd etmək istəyirəm. Ümumən, “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və Qanunun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2004-cü il saylı fərmanından, “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunundan və bu Qanunun tətbiqinə dair Prezidentin fərmanından, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin dövlət büdcəsinin icrası haqqında icmal hesabatından, Azərbaycan Respublikası Vergilər Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin təqdim etdiyi hesabat və statistik məlumatlardan, eləcə də Hesablama Palatasının apardığı bir çox nəzarət tədbirlərinin nəticələrindən istifadə olunaraq bu rəy tərtib və təqdim edilmişdir.
Məruzəçilərin məlumatından və qanun layihəsindən göründüyü kimi, ümumən, dövlət büdcəsinin gəlirləri və xərclər yerinə yetirilmişdir. Qeyd etmək lazımdır ki, hesabat dövründə büdcə gəlirlərinin icrasında ən aşağı göstərici mədən vergisi üzrə 54,6 faiz, sadələşmiş vergi üzrə 88,8 faiz və vergi olmayan gəlirlər üzrə 71,3 faiz yerinə yetirilmişdir. Digər vergi növləri üzrə vergilər artıqlaması ilə yerinə yetirilmişdir. Ümumi dövlət büdcəsinin gəlirləri 100,3 faiz, vergilər üzrə 100,5 faiz yerinə yetirilmişdir. Azərbaycan Respublikası ərazisinə gətirilən malların aksiz vergisi üzrə 145 faiz və əhalidən tutulan gəlir vergisi üzrə 112,9 faiz olmuşdur. Hesabat ilində büdcə gəlirlərinin icrasında mədən vergisi və sadələşmiş vergi üzrə, həmçinin vergi olmayan gəlirlər üzrə illik tapşırıq icra olunmamışdır. Hesabatda mədən vergisi üzrə tapşırığın aşağı səviyyədə olmasının səbəbi Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi üzrə 509,1 milyard manat tapşırığa qarşı büdcəyə 254 milyard manat, yəni 49,9 faiz az vəsait köçürülməsi ilə izah edilir. Ancaq hesabatda bunun nəyin hesabına baş verməsi açıqlanmamışdır.
2005-ci ildə Dövlət Neft Şirkəti üzrə mədən vergisinin əsas ödəmə mənbəyi olan xam neftin hasilatının 2004-cü illə müqayisədə cəmi 0,6 faiz, təbii qaz hasilatının isə 1,4 faiz aşağı düşməsi nəzərə alınsa, onda mədən vergisi üzrə tapşırığın icra olunmamasının əsas səbəbi izah edilməlidir.
Sadələşmiş vergi üzrə tapşırığın icra olunmamasının səbəbi hökumət tərəfindən bu sahədə vergi nəzarətinin zəif olması ilə izah edilir. Ancaq bu izah da ciddi qəbul oluna bilməz. Çünki hesabat ilində bütövlükdə vergi nəzarətinin güclənməsi müşahidə olunur və 2004-cü illə müqayisədə Vergilər Nazirliyinin xətti ilə büdcəyə vergi daxilolmalarının 2 trilyon 158,7 milyard manat, yəni 43,5 faiz artımı müşahidə olunmuşdur. Bununla yanaşı, təqdim olunan hesabatda 2005-ci ilin dövlət büdcəsi gəlirlərinin 19,8 faizini təşkil edən vergi olmayan gəlirlər üzrə faktiki icranın çox aşağı səviyyədə - 2 trilyon 26 milyard manata qarşı 1 trilyon 441 milyard manat, yəni 71,3 faiz olması, yaxud 585 milyard manat kəsirlə toplanması faktı əksini tapmamışdır.
Vergi olmayan sair daxilolmalar üzrə nəzərdə tutulmuş 555,5 milyard manat vəsaitdən faktiki daxilolma 26,5 milyard manat, yəni 4,8 faiz təşkil etmişdir. Maliyyə və qeyri-maliyyə müəssisə və idarələrdən vergi olmayan daxilolmalar üzrə nəzərdə tutulmuş 861 milyard manata qarşı faktiki icranın 808 milyard manat, yəni 93,7 faiz səviyyədə olması, o cümlədən qeyri-maliyyə dövlət müəssisələrində dividendlərin 55 milyard manata qarşı 30 milyard manat, Milli Bankın mənfəətindən 30 milyard manata qarşı 9,9 milyard manat və maliyyə təşkilatından alınan dividentlərin 26,6 milyard manata qarşı 18 milyard manat və büdcə təşkilatlarının xüsusi vəsaitlərindən daxilolmaların 366 milyard manata qarşı 356,3 milyard manat həcmində büdcəyə daxil olması bu sahəyə nəzarətin yetərincə olmaması kimi qiymətləndirilir.
2005-ci ildə bəzi büdcə gəlirləri üzrə icranın əhəmiyyətli dərəcədə yüksək olması diqqəti cəlb etməyə bilməz. Belə ki, əhalidən tutulan gəlir vergisi üzrə 2005-ci ilin ilkin proqnozu 1 trilyon 206 milyard manat, sonradan 16,6 faiz artım olaraq, yəni dürüstləşmədən sonra 1 trilyon 406 milyard manat qəbul olunmuşdur. Faktiki icra 112,9 faiz, yəni proqnozdan əlavə 479,3 milyard manat gəlir büdcəyə daxil olmuşdur. Fikrimizcə, büdcə proqnozunun hər iki halda müəyyənləşdirilməsində hökumət real imkanları tam nəzərə almamışdır. Hökumət isə yüksək faktiki icranın səbəbini əməyin ödənişinin vergiyə cəlb edilmə əmsalının artması, habelə neft sazişləri çərçivəsində fəaliyyət göstərən şirkətlərdə vergi ödəyən fiziki şəxslərin artması ilə izah edir.
Xarici iqtisadi fəaliyyətlə bağlı büdcənin gəlirləri üzrə proqnozun müəyyən edilməsinə mövcud imkanların nəzərə alınmaması daha qabarıq şəkildə özünü göstərir. 2004-cü ilin nəticələrinə görə xarici iqtisadi fəaliyyətlə bağlı büdcənin faktiki gəlirləri 507,5 milyard manat təşkil etmişdir ki, bu da 2003-cü ilin faktiki göstəricilərinə nisbətən 72,6 faiz artım deməkdir. Ölkənin xarici iqtisadi fəaliyyətinin böyük artım dinamikasına malik olması reallığını nəzərə almadan 2005-ci il dövlət büdcəsində ilkin olaraq bu gəlir növü üzrə proqnoz 370 milyard manat, sonradan isə 500 milyard manat dəqiqləşdirilərək qəbul edilmişdir. Bu gəlir üzrə faktiki daxilolma 1 trilyon 25,9 milyard manat, yaxud proqnozdan 525,9 milyard manat çox olmuşdur. Göründüyü kimi, burada büdcə proqnozunun düzgün olmaması aşkar görünür və bu əsasən xarici iqtisadi fəaliyyətlə əlaqədar idxal rüsumu üzrə büdcə gəlirlərinin proqnozda nəzərə alınmaması ilə izah oluna bilər.
Büdcənin idxal rüsumu üzrə faktiki gəlirləri hesabat ilində 522,3 milyard manat təşkil etmişdir. Əvvəlki illərdə olduğu kimi, 2005-ci ildə də hesablanmış vergilərin aşağı səviyyədə icra olunması ənənəsi davam etmişdir. Belə ki, Vergilər Nazirliyi üzrə 13 trilyon 270,8 milyard manat hesablanmış vergiyə qarşı faktiki yığım 7 milyard 127,8 milyard manat, yaxud 53,8 faiz təşkil etmişdir. Bu da 2004-cü ilin göstəricisi ilə (60,8 faiz) müqayisədə 7 faiz aşağıdır. Vergilər sahəsində narahatlıq yaradan digər bir problem vergi borclarının hesabat ilində kəskin şəkildə artmasıdır. Əgər 2004-cü ilin nəticələrinə görə vergi ödəyicilərinin ümumi borcu 5 trilyon 526,1 milyard manat olmuşdusa, 2005-ci ilin axırına bu borclar 4 trilyon 748,2 milyard manat, yəni 87,5 faiz artaraq 2005-ci ilin sonuna 10 trilyon 174,3 milyard manat təşkil etmişdir. Vergi borclarındakı bu artım dövlət və bələdiyyə mülkiyyətinə aid edilməyən hüquqi şəxslərin hesabına baş vermişdi.
Dövlət büdcəsinin icrası ilə əlaqədar eyni göstəricilər üzrə Maliyyə Nazirliyinin və Vergilər Nazirliyinin təqdim etdiyi məlumatlarda müəyyən uyğunsuzluqlar da müşahidə olunur. Məsələn, Maliyyə Nazirliyinin təqdim etdiyi hesabatda əhalidən tutulan gəlir vergisi üzrə büdcə gəlirlərinin
1 trilyon 587,3 milyard manat olduğu göstərildiyi halda, Vergilər Nazirliyinin təqdim etdiyi hesabatda 1 trilyon 596,1 milyard manat göstərilib. Həmçinin mənfəət vergisi üzrə büdcə gəlirlərinin icrası Maliyyə Nazirliyinin hesabatında
1 trilyon 776,9 milyard manat, Vergilər Nazirliyinin hesabatında isə 1 trilyon 784,8 milyard manat göstərilmişdir.
2000-2004-cü illər üzrə dövlət büdcəsinin proqnozlaşdırılmasının kəsiri və onun bağlanmasının faktiki vəziyyəti, həmçinin 2006-cı ildə büdcənin proqnozlaşdırılmış kəsirinin real şəraitdə adekvat olmadığı göstərilmişdir. Nəzərdə tutulmuş büdcə kəsirlərinin, eləcə də qəbul olunmuş büdcənin gəlir və xərclərinin dəyişməsi dinamikasının əsaslanması təmin olunmuşdur.
Yuxarıda göstərilənlərə əsasən qeyd etmək olar ki, Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası barədə hökumətin hesabatı və Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmiş Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında Azərbaycan Respublikasının qanun layihəsi qanunvericiliyin tələblərinə uyğundur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Müzakirələrə keçirik. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Təşəkkür edirəm, cənab Sədr.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Reqlamenti 5 dəqiqə dedilər. Pənah bəy, təklif verilib. Səsə qoyuruq. Xahiş edirəm, Pənah bəy, təzədən başlamayaq. Əyləşin. Yenə yerinizdən danışırsınız.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mühüm məsələ hansıdır? Məgər 5 dəqiqə Sizə azlıq edir? Az olar, baxarıq. Xahiş edirəm, 5 dəqiqəyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.21 dəq.)
Lehinə 84
Əleyhinə 6
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 92
Nəticə: qəbul edildi

5 dəqiqə qəbul edildi. Buyurun.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. İcazə versəniz, əvvəlcə deputat həmkarım Pənah Hüseynə müraciət edərək bir kəlmə demək istərdim...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, deyəsən, oyun çıxarırıq. Yerinizə əyləşin, icazəsiz danışmayın. Ayıbdır, bəsdir. Milli Məclisi şouya döndəririk. Özümüzə hörmət edək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən özümə hörmət edirəm, sən də özünə hörmət et. Qanuna da hörmət edək. Deyəsən, Milli Məclisdə Pənah bəydən başqa qanuna hörmət edən yoxdur. Qanunçu təkcə Pənah bəydir, yerindən danışan da Pənah bəydir. Ayıbdır. Heç olmasa, bir balaca deputatlara hörmət edin.
A. Mirzəzadə. Çox sağ olun. Hər halda mən Pənah müəllimə bir kəlmə söz demək istərdim. Hörmətli Pənah müəllim, demokratiya yalnız hər kəsin fikrini açıq şəkildə bildirməsi deyil, demokratiya həmçinin çoxluğun qərarına azlığın tabe olmasıdır. Mən Sizi tabe olmağa çağırıram.
Hörmətli Sədr, ötən il 2006-cı il üçün büdcə layihəsi müzakirə ediləndə indiki ilin büdcə proqnozları bir qədər fantastik görünürdü. Çünki büdcə birdən-birə 60 faizə qədər artırdı. Bir çox strukturlardan büdcəyə daxilolmalar həddən artıq böyük görünürdü. Bunun yerinə yetirilməsi, bir tərəfdən, arzu olunurdu, amma digər tərəfdən isə onun yerinə yetirilməsi prosesi çox maraqlı görünürdü. Bugünkü müzakirələr göstərir ki, keçən il qəbul edilmiş və bu il üçün fantastik görünənə rəqəmlər, həqiqətən, real idi. Büdcə yerinə yetirilir. Necə ki, 2006-cı il üçün büdcə proqnozu yerinə yetirilir, eləcə də 2005-ci il büdcəsinin yerinə yetirilməsi bu gün bizə təqdim edilən rəqəmlərdə çox real və həyata uyğun görünür.
Bu, nəyin hesabına baş verir? İlk növbədə büdcə proqnozlarının düzgün götürülməsi nəticəsində. Yəni büdcənin formalaşdırılmasına elmi cəhətdən düzgün yanaşılır, resurslar düzgün götürülür və daxili ehtiyatlar düzgün hesablanır. Bundan başqa regionların sosial-iqtisadi inkişaf perspektivinin əsas götürülməsi və inkişaf məsələsinin artıq paytaxtdan regionlara köçürülməsi regionların da resurslarından tam istifadə edilməsinə gətirib çıxarır.
Vacib və diqqəti çəkən məsələlərdən biri də büdcəyə daxilolmaların qeyri-neft sektorunun hesabına günü-gündən artmasıdır. İldən-ilə büdcəyə daxilolmalar Vergilər Nazirliyi hesabına çoxalır. Bu da normaldır. Adətən, iqtisadi cəhətdən inkişaf edən ölkələrdə büdcənin çox hissəsi vergi hesabına dolur. Bunu da bizə təqdim edilən rəqəmlərdə görürük. İkincisi qeyri-neft sektorunun durmadan inkişaf etməsi və neft sektorunun da potensialından düzgün istifadə edilməsidir. Bunlar da ötən il üçün büdcənin yerinə yetirilməsinə və perspektivin də buna uyğun olaraq hərəkət etməsinə gətirib çıxarır. Mənim üçün olduqca sevindiricidir ki, qarşıya qoyulan bütün rəqəmlər yerinə yetirilmişdir. Nəinki yerinə yetirilmiş, hətta artıqlanması ilə yerinə yetirilmişdir.
Biz ötən ilin büdcəsinə yekun vurmaqla yanaşı, eyni zamanda, qarşıda gələn il üçün, 2007-2008-ci il üçün təxmini proqnozlarımızı artıq müəyyənləşdirə bilərik. Büdcə proqnozlarının tutulmasında elmi cəhətdən düzgün təkliflər verdiyinə görə, eyni zamanda, onun yerinə yetirilməsinə çox böyük məsuliyyətlə yanaşdıqlarına görə büdcə ilə məşğul olan nazirliklərə təşəkkür etmək istəyirəm. Büdcənin yerinə yetirilməsində iqtisadi yönümlü nazirliklərin və təşkilatların böyük rolu olmuşdur. Büdcənin formalaşdırılmasında onların xidmətləri həddən artıq böyükdür.
Həmçinin qarşıda 2006-cı il üçün büdcənin yenidən baxılması və onu artırmağa doğru rəqəmlərin dəyişdirilməsi gözlənilir. Bununla bağlı bir çox təkliflərimi həmin məsələnin müzakirəsində verəcəyəm. Ancaq bir-iki məsələni məhz indi səsləndirmək istərdim. Birincisi, çox istərdim ki, regionların sosial-iqtisadi məsələlərində onların xüsusiyyətləri nəzərə alınaydı. Yəni gələcəkdə yeni büdcə layihəsi ortaya qoyulanda, bu ilin büdcəsi yenidən nəzərdən keçiriləndə ayrı-ayrı regionların inkişafı üçün öz yerli imkanlardan xüsusi istifadə etməsi nəzərə alınaydı. İkincisi, sahibkarlığın inkişafı məsələsində yeni yanaşmalara xüsusi yer ayırmaq lazımdır. Xaricdə yaşayan azərbaycanlıların maddi imkanlarından istifadə edilməsi üçün xüsusi proqram hazırlanmasına, üstəlik sahibkarlığın inkişafı üçün Neft fondunun imkanlarından istifadə edilməsinə diqqət edilməsini çox istərdim.
Çox yaxşı haldır ki, büdcənin artması büdcə təşkilatında işləyənlərin maaşlarının artırılmasına və elm, təhsil, mədəniyyət sahəsinə vəsaitlərin yönəldilməsinə gətirib çıxarır. Bu baxımdan mən yeni təyin olunan maliyyə nazirindən 2006-cı il üçün büdcə layihəsinin yenidən nəzərdən keçiriləndə, həm də 2007-ci il üçün yeni büdcə layihəsi hazırlananda bu sahələrə büdcə tərəfindən vəsait ayırmalarının faiz dərəcəsi ilə deyil, bir neçə dəfə artırılmasının nəzərdən keçirilməsini xahiş edərdim.
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, komitə sədrləri, qonaqlar, çox hörmətli deputat həmkarlarım! Öncə hər iki məruzəçiyə dərin təşəkkürümü bildirirəm ki, 2005-ci ilin dövlət büdcəsinin icrası haqqında kifayət qədər ətraflı məlumat verdilər. Hesablama Palatasının nümayəndəsi, ümumən, 2005-ci ilin büdcə icrasına müsbət rəyini verdi. Ona görə hər iki məruzəçiyə və Hesablama Palatasının sədr müavininə təşəkkürümü bildirməklə, mən də bu qanun layihəsi haqqında bir neçə kəlmə öz fikirlərimi söyləmək istəyirəm.
Büdcə sistemi haqqında qanuna müvafiq olaraq, Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev tərəfindən parlamentin müzakirəsinə təqdim olunmuş qanun layihəsini hökumət və ilk növbədə Maliyyə Nazirliyi büdcə qanunvericiliyinin tələblərinə uyğun hazırlamış, dövlət büdcəsinin icrasına dair hesabatı ətraflı tərtib etmişlər. Təqdim edilmiş hesabatdan göründüyü kimi, hökumətin fəaliyyəti ilə bağlı cari ilin mart ayında parlamentdə aparılan müzakirələr zamanı məlum olmuşdur ki, 2005-ci ilin təsdiqlənmiş dövlət büdcəsinin icrası ölkənin müvafiq maliyyə və iqtisadi qurumları tərəfindən lazımi səviyyədə həyata keçirilmişdir. Büdcənin parlament tərəfindən təsdiqlənmiş mədaxil proqnozu göstəricisi yerinə yetirilmiş və artım əvvəlki illə müqayisədə 36 faizdən çox olmuşdur. Daxilolmaların 70 faizə yaxını Vergilər Nazirliyi tərəfindən təmin edilmişdir.
Hesablamadan göründüyü kimi, yol vergisi üzrə təsdiqlənmiş daxilolma proqnozu artıqlaması ilə icra olunmuşdur. Müsbət hallardan biri də odur ki, büdcə xərcləri vəsaitlərinin 52 faizi sosial yönümlü tədbirlərin maliyyələşdirilməsinə yönəldilmişdir. İnvestisiya məqsədi üçün istifadə olunan xərclərin həcmi əvvəlki, yəni 2004-cü illə müqayisədə 70 faiz artmışdır. Xarici kreditlərlə bağlı məsələlər diqqət mərkəzində saxlanılmışdır. Belə ki, xarici maliyyə mənbələrindən götürülən kreditlərə görə ölkənin dövlət borcunun ümumi daxili məhsulun həcminə nisbətinin 13 faizdən çox olmaması beynəlxalq borcalma praktikasına görə məqbul hesab edilir.
Adambaşına düşən xarici dövlət borcuna görə ölkəmiz MDB məkanında ən yaxşı göstəricilərə malikdir. Hökumətin bu sahədə müsbət qiymətləndirdiyi işlərdən biri də xarici dövlət borclarının 60 faizinin qaytarılma müddətinin
20 ildən yuxarı olmasıdır. Ötən il bağlanmış kredit sazişlərinin ümumi məbləği həmin il üçün dövlət büdcəsi üzrə müəyyən edilmiş xarici dövlət borcunun limitinə uyğun olmuşdur. Dövlətin aldığı borcların əksəriyyəti ölkənin infrastruktur sahələrinin inkişafına və yenidən qurulmasına istifadə olunan maliyyə vəsaitləridir. Belə ki, hesabat ilində ümumi kreditlərin üçdə biri elektrik enerjisi sektorunun inkişafına və bərpasına yönəldilmiş, 15 faizi nəqliyyat sektorunun payına düşmüşdür. Görülən işlərin nəticəsidir ki, Azərbaycan hökuməti tərəfindən xarici dövlət borclarının idarə olunması və qaytarılması tələbləri beynəlxalq maliyyə qurumları tərəfindən müsbət qiymətləndirilir. Hesabat ilinin müsbət məqamları ilə yanaşı təqdim edilmiş rəqəmlərdən göründüyü kimi, tədbirlər ardıcıl və məqsədyönlü surətdə həyata keçirilsəydi, dövlət büdcəsinin bəzi göstəriciləri daha uğurlu olardı. Ümumilikdə 2005-ci ilin büdcə xərcləri 97,2 faiz icra olunmuşdur. Düzdür, əvvəlki ilə nisbətən bu göstərici xeyli artmışdır, lakin bu, daha yüksək ola bilərdi.
Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli qonaqlar! Hesab edirəm ki, hörmətli həmkarlarım 2005-ci ilin büdcə icrasının müsbət məqamlarını nəzərə alacaq və ona səs verəcəklər. Mən bunu məqbul hesab edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Hörmətli Milli Məclis, mən daha geniş bir çıxış eləmək fikrində idim, amma sizin qəbul elədiyiniz reqlament buna imkan vermir. Ona görə də konkret öz seçki dairəmlə və seçicilərimlə bağlı, dövlət büdcəsi ilə əlaqədar məsələlərə toxunmaq istəyirəm. Burada Hesablama Palatasının üzvü çəkinərək çıxış elədi. Hesablama Palatasının rəyi, təəssüf ki, bu gün paylanıb. İfadə olunmuş nöqsanlar büdcə və ölkədəki maliyyə vəziyyəti haqqında daha obyektiv məlumatlar yaradırdı. Mən konkret faktlarla buna diqqəti cəlb eləmək istəyirəm. Faktiki olaraq, fiziki gəlir fiziki şəxslərdən toplanan vergidir və həmin vergilərin böyük bir hissəsi büdcədən gizlədilir, sadəcə olaraq, oğurlanır.
Mənə bu gün məktub daxil oldu. Bir neçə gün əvvəl də bir neçə seçici mənə müraciət eləmişdi. Məsələn, Sabirabad rayonu üzrə fiziki şəxslərdən toplanan bir manat vergiyə bir manat əlavə rüşvət toplanır. İş o yerə çatıb ki, 5 saylı Vergi Ərazi İdarəetmə İdarəsinin rəisi Şahin Miriyev adlı bir şəxsin tapşırığı ilə bu ilin aprelindən etibarən illik tələb olunub. Təxminən 1200 ABŞ dollarının yerinə, deyək ki, 3000 dollar əlavə haqq tələb olunur. Mənə dedilər ki, çoxsaylı müraciətlər Milli Məclisin Sədrinə də, Prezident Aparatına da, Vergilər Nazirliyinə də ünvanlanıb. Ona görə də mən xahiş edirəm ki, vergilər naziri cənab Fazil Məmmədov mənim seçicilərimdən toplanmış həmin rüşvətin geri qaytarılması üçün tədbir görsün.
İkincisi, bütün sahələrdə bu belədir. Bu oğurluq büdcə vəsaitinin xərclənməsi zamanı da baş verir. Hesablama Palatasının rəyində də Təhsil Nazirliyinə və Səhiyyə Nazirliyinə aid iki bu cür fakt öz əksini tapıb. Amma mən daha iri faktlara diqqətinizi cəlb eləmək istəyirəm. Məsələn, Astarada keçən il istifadəyə verilən mobil elektrik stansiyasının qiymətləri tender keçirilərkən iki dəfə şişirdilmişdir.
Hazırda Bakı şəhərində körpülər tikilir. Çox müsbət haldır və əlbəttə, hamımız bunu istəyirik. Amma tenderdə məlumat verildi ki, “Xalqlar Dostluğu” meydanındakı körpünün qiyməti 16 milyon yeni Azərbaycan manatıdır, hətta artırıla da bilər. Nəzərinizə çatdırım ki, dünyada ən böyük körpü – okean sahillərini birləşdirən Tokiodakı körpü 1970-ci ildə 16 milyon dollara tikilmişdir. Mən o paslı armaturların qızıldan və ya başqa bir qiymətli metaldan ibarət olduğunu deyə bilmərəm. Sadəcə olaraq, daxil olan gəlirlərin həddindən artıq şişirdilmiş proqramlar üzrə xərcləndiyinə diqqəti cəlb elədim.
Nəhayət, çox acınacaqlı olan bir vəziyyətə - Hesablama Palatasının rəyindəki bir bəndə diqqətinizi cəlb eləməklə fikrimi davam etdirirəm. Aparılan nəzarət tədbirləri göstərir ki, 2005-ci il dövlət büdcəsi zərfinə daxil edilmiş elm, təhsil, səhiyyə, mədəniyyət proqramları büdcənin icrası prosesində tamamilə diqqətdən kənarda qalmışdır. Ümumiyyətlə, həmin sahələrdə proqramların icrasında büdcə xərclərinin iştirakını müəyyənləşdirmək mümkün olmamışdır. Bu, Azərbaycanda elm, təhsil, səhiyyə və mədəniyyət proqramlarını illüstrasiya eləyən bir məsələdir.
Hörmətli Milli Məclis, şübhəsiz ki, müəyyən irəliləyişlər vardır. Ümumiyyətlə, hər hansı bir irəliləyişin baş vermədiyini demək doğru olmazdı. Amma çox böyük bir problem, bir daha təkrar eləyirəm, hazırda xalq vəsaitinin, büdcəyə daxil olan vəsaitin oğrular tərəfindən mənimsənilməsinin qarşısını almaqdır. Bu ən yüksək səviyyədə baş verir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, hörmətli Sədr! Hörmətli deputatlar, hörmətli hökumət üzvləri, mən də öncə Hesablama Palatasının bu gün bizə təqdim olunmuş rəyi ilə bağlı fikrilərimi bölüşmək istəyirəm. Mən xatırlayıram ki, bu qurum həmişə İqtisadi siyasət daimi komissiyasının keçmiş sədri Səttar Səfərov tərəfindən çox ciddi tənqidlərə məruz qalardı. O vaxtlar kimsə bunun şəxsi qərəzlik üzündən, yəni Səttar müəllimin şəxsən gələcəkdə öz yerini orada görməsi ilə bağlayırdı. Halbuki bunun tam əsassız olduğu üzə çıxdı. Əslində mən Səttar müəllimi müdafiə eləmək fikrindən uzağam. O dövrdə də bunun gerçək olduğu göz önündə idi. Lakin biz nəzərə alırdıq ki, bu qurum yeni yarandığı üçün getdikcə onun təqdim edəcəyi rəylər ölkədə bütövlükdə büdcə prosesinə nəzarəti gücləndirəcək. Çox təəssüflər olsun ki, bizə təqdim olunmuş rəy əslində Azərbaycanda büdcənin təmin olunmasında çox xüsusi çəkisi olan Vergilər Nazirliyinin tənqidinə həsr olunub.
Hər kəsə bəllidir ki, büdcənin toplanmasında Vergilər Nazirliyinin işi, fəaliyyəti, çəkisi 70 faizə qədərdir. Amma Hesablama Palatasının fəaliyyətinin elə 70 faizi onun tənqidinə yönəldilib. Mən bunu qəbul eləmirəm.
Məndən öncə bir bəyanat səsləndi. Güman edirəm ki, hörmətli Fazil müəllim bu məsələyə cavab verəcək. Amma bunun əsassızlığını sübut eləyən çox sadə bir dəlil söyləmək istəyirəm. Bizim siyasi opponentlər həmişə ölkədə iqtisadiyyatın zəif olduğunu göstərmək üçün vergilərlə bağlı belə bir dəlilə istinad eləyirlər ki, Bakı üzrə, yəni paytaxt üzrə vergi daxilolmaları 93 faizə qədərdir, bölgələr üzrə cəmi 7 faizdir. Halbuki çoxlarına bəllidir ki, əvvəla, bölgələr üzrə ölkə rəhbərliyinin yürütdüyü siyasət ondan ibarət olub ki, bölgədə iqtisadiyyatın qalxması üçün 9 növ vergidən onlar azad olub. Belə olan təqdirdə məhz Pənah bəyin dediyi kimi, hər hansı qapalı ya başqa formalı ödənişlərlə büdcənin artırılması heç kimin ağlına gələ bilməz.
Cənab Sədr, artıq mənim bu nəzəri məsələyə 2 dəqiqə 28 saniyəm getdi. Mən bir-iki praktiki məsələyə də toxunmaq istəyirəm. Ötən dəfə, yəni dekabr ayında biz 2006-cı ilin büdcəsinə baxanda mən hökumətin komandalı fəaliyyət göstərməsini söyləmişdim. Hətta Rusiyanın həyatından misal da çəkmişdim. Mənə elə gəlir ki, cənab Prezidentin kadr quruculuğu, kadrların yeniləşməsi istiqamətində apardığı siyasətə, struktur islahatlarına hökumət bir sıra hallarda adekvat reaksiya göstərə bilmir. Yəni mən hökumət deyərkən, burada hansısa sahələri ayırmaq istəmirəm. Əslində ötən dəfə dedim ki, mənim Artur müəllimə çox böyük hörmətim var və onunla şəxsən heç bir problemim yoxdur. Burada hansı proqramların müddəalarının, hansı qanunlarla bağlı verilən fərmanların müddəalarının yerinə yetirilmədiyinə istinad eləmək istəmirəm. Əslində bu çox ciddi məsələdir. Çünki Prezidentin verdiyi fərmanlar qanun qüvvəsində olan sənədlərdir və hökumətin bunu birbaşa yerinə yetirməsi hər kəsə bəllidir.
Mən artıq bir sualı səsləndirmək istəyirəm. Bilirsiniz ki, seçkidən öncə ölkədə bizim hər zaman öyündüyümüz iqtisadi sabitliyə ciddi xələl gələ bilərdi. Dolların kursunun sıçrayışla, əslində ciddi iqtisadi qanuna uyğunluqdan kənar bir sıçrayışla enməsi baş verdi. Əslində bunun Azərbaycanda daha artıq dərəcədə siyasi xarakterli olduğu hər kəsə bəlli idi. Ara söhbətləri səviyyəsində bunun maraqlı qüvvələr tərəfindən həyata keçirildiyini və məhz siyasi hakimiyyət uğrunda mübarizənin iqtisadi elementi olduğunu deyənlər var. Mən istəyirəm, hökumət üzvlərindən kimsə bu məsələni cavablandırsın.
Cənab Sədr, bölgələrdə çox böyük işlər görülüb. Onlardan biri də suvarma sistemlərinin qurulmasıdır, yeni su mənbələrinin yaradılmasıdır. Lakin onların enerji təminatı məsələsi hələ də həll olunmur. Ölkədə 513 artezian quyusu var ki, onlar hələ də heç kimin balansında deyil və hökumət də bunu bilir. İldən-ilə bu məsələ həll olunmur və bölgələrdə vətəndaşların təsərrüfat sisteminin quruculuğuna çox ciddi maneçilik törədir. Artıq mənim vaxtım başa çatır. Mən hökumətin fəaliyyətinin qənaətbəxş qiymətləndirilməsinə səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvətlilər, xanımlar və cənablar! Büdcə iqtisadiyyatın güzgüsüdür. Büdcədə vəziyyət necədirsə, iqtisadiyyatda da vəziyyət elədir. Ona görə də büdcənin Milli Məclisdə müzakirəsi həmişə hadisə olmalıdır və hesab edirəm ki, obyektiv müzakirə keçəcək.
2005-ci ilin büdcəsində vacib hesab elədiyim məqamlar, ilk növbədə, vəsaitlərin artması hesabına əlavə olaraq 1,4 trilyon manat sosial sahəyə vəsaitin ayrılmasıdır. Bu isə həmin istiqamətdə vəsaitin 34 faiz artması deməkdir. İkinci ciddi məsələ Azərbaycanın müdafiə qüdrətinin artırılmasına diqqətin artırılmasıdır ki, bu da 2005-ci ilin büdcəsinin vacib cəhətlərindən biridir. Üçüncü vacib cəhət kimi dövlət investisiyalarının artmasını qeyd eləyə bilərəm. Eyni zamanda, 2006-cı ilin büdcəsində nəzərə alınan məqamları da xüsusi qeyd eləmək istərdim.
İlk növbədə burada qaldırılan bir məsələyə münasibət bildirmək istəyirəm. Hesablama Palatası ilə bağlı məsələyə obyektiv yanaşaq. Hesablama Palatası ilk hesabatını çox obyektiv vermişdir. Ona Maliyyə Nazirliyi və digər hökumət strukturları tərəfindən o qədər hücum oldu ki, artıq Hesablama Palatası bu cür hesabat verməyə başlayıb. Ona görə də Hesablama Palatasını dəstəkləmək lazımdır. Növbəti hesabatları da birinci hesabat səviyyəsində obyektiv olmalıdır. Bu çox ciddi məsələdir. Çünki büdcənin vəsaitləri getdikcə artacaq və bu vəsaitlərdən səmərəli istifadə edilməsi, vəsaitin artması aktual məsələdir. Ona görə də Hesablama Palatası bu istiqamətdə obyektiv təhqiqatlarını artırmalıdır.
Büdcənin xərcləri ilə bağlı bəzi məqamları mən xüsusi qeyd eləmək istəyirəm. Neçə illərdir ki, büdcənin xərcləri kəsirlə yerinə yetirilir. Bu xroniki xarakter daşıyır. Komissiyaların iclasında verilən cavabı mən məqbul hesab eləmirəm. Büdcə təşkilatları, əlaqədar təşkilatlar çalışsa, burada tarazlığı təmin eləmək mümkündür. Tarazlıq deyəndə Avropa Birliyinin gəldiyi razılığa görə ölkələr arasında büdcənin kəsirinin 3 faizdən az olmaması məsələsini mən xüsusi qeyd eləmək istəyirəm. Təəssüflər olsun ki, yüksək kəsir qəbul olunur, sonra azaldılır. Belə hesab olunur ki, böyük işlər görülüb və büdcənin kəsiri azaldılıb.
Büdcədən maliyyələşməsi nəzərdə tutulan, amma buraxılmayan hər manat borclar dövriyyəsindən keçəndən sonra əlavə 5-7 manat borc yaradır. Bu o deməkdir ki, büdcə bilavasitə həmin borcların yaradılmasının dörddə biri, üçdə biri səviyyəsində günaha batır. Bu da neftdən kənar sahələrin iflic vəziyyətindən çıxmasına mane olur. Ona görə də hesab edirəm ki, bu hissədə yeni siyasətdə tamamilə fərqli bir mövqe tutulmalıdır. Bizim büdcəmizin artıq strategiyası müəyyənləşməlidir. Strategiya ümumi strategiyadan çıxmalıdır və bu gün ümumi daxili məhsulun 18 faizi ilə strateji problemlərimizi həll eləyə bilmərik. Ona görə də Azərbaycan büdcəsi ümumi daxili məhsulun 30 faizi səviyyəsində olmalı və əhalinin güzəranını yaxşılaşdırmalıdır.
Müdafiə qüdrətimizin yaxşılaşdırılması, dövlət investisiya xərclərinin artırılması istiqamətində yeni strategiya götürülməlidir. Bu çox mühüm əhəmiyyət kəsb eləyir. Qazaxıstan neft ölkəsidir. Orada ümumi daxili məhsulun 5 faizi, Rusiyada 3 faiz səviyyəsində investisiyalara vəsait ayrılır. Amma bizdə dövlət investisiyaları ümumi daxili məhsulun 1,4 faizi, 1,5 faiz səviyyəsindədir. Buna diqqət edilməlidir.
Növbəti ciddi məsələ büdcənin vəsaitlərinin artması ilə bağlı onun xərclərinin səmərəli istifadəsinə nəzarətin gücləndirilməsidir. Bu həm parlament nəzarəti, həm ictimai nəzarət, həm də şəffaflığın artırılması ilə bağlıdır. İndiki maliyyə naziri Neft Fondunun sədri işləyəndə təşkilatların saytlarında ən səliqəli sayt Neft Fondunun saytı idi. Həmin prinsip bilavasitə Maliyyə Nazirliyinə köçürülməlidir. Maliyyə Nazirliyinin də saytı Neft Fondunun saytı kimi, həmin səviyyədə olmalıdır. Növbəti məsələ - neft amili burada bilavasitə 38 faiz göstərilir. Burada təkcə neft şirkəti yox, beynəlxalq şirkətlər də nəzərə alınmalıdır, onunla bağlı amillər də nəzərə alınmalıdır. Neftin Azərbaycan büdcəsindəki payı dürüst müəyyənləşdirilməlidir. Bu, gələcək fəaliyyətimiz üçün həddindən artıq mühüm əhəmiyyət kəsb edir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrasına aid hesabatla tanış olduqda Azərbaycan vətəndaşı kimi rahatlıq tapıram. Bu, hörmətli Prezidentimiz cənab İlham Əliyevin ölkənin inkişafı, xalqın rifahı naminə apardığı siyasətin nəticəsidir.
2005-ci ildə dövlət büdcəsinin mədaxil proqnozu 100,5 faiz icra olunmuşdur ki, bu da 2004-cü ilə nisbətən 36,2 faiz çoxdur. Hesabatda müdafiə xərclərinin artması ümummilli liderimiz Heydər Əliyev tərəfindən yaradılan dövlətçiliyimizə, Ali Baş komandana daim sədaqət nümayiş etdirən ordumuzun daha da güclənməsinə səbəb olmuş və işğal olunmuş torpaqlarımızın qaytarılmasına xalqın inamını daha da artırmışdır. Büdcə daxilolmalarının 69,3 faizinin Vergilər Nazirliyi, 18,3 faizinin Dövlət Gömrük Komitəsi tərəfindən yerinə yetirilməsi ölkədə iqtisadi siyasətin düzgün və uğurla aparılmasının göstəricisidir. Vergi daxilolmalarının 38,1 faizi Dövlət Neft Şirkətindən, qalan 31,2 faizi digər sahələrdən daxil olmuşdur. Bu da böyük göstəricidir. Gömrük Komitəsi tərəfindən daxilolmaların məbləğinin artması iqtisadiyyatın dinamik inkişafından və xarici ölkələrlə iqtisadi inteqrasiyanın güclənməsindən xəbər verir.
Dövlət büdcəsinə vergi orqanlarının xətti ilə toplanmış vəsaitin 101,8 milyard manatı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin payına düşür. Bu da o deməkdir ki, ölkədə yeni texnologiyalar tətbiq olunur, xarici ölkələrlə əlaqələr intensivləşir, xalqımızın iqtisadi və intellektual səviyyəsi yüksəlir. Əsaslı vəsait qoyuluşuna investisiya xərclərinin 2004-cü ilə nisbətən 324,6 milyard manat və ya 68,4 faiz artması ölkədə inkişafın hansı sürətlə getməsini göstərir. Bu vəsaitin 65 milyard manatı mənim seçildiyim Gəncə şəhərinin hava limanının tikintisinə yönəlmişdir. Gəncəlilər buna görə möhtərəm cənab Prezidentimizə minnətdarlıqlarını bildirirlər.
Kreditlərin maliyyələşdirilməsi ölkədə istehsalın inkişafına zəmin yaradır. Bütün bunlar yüksək qiymətləndirilməlidir. Ona görə hesabatın qəbul olunmasının lehinə səs verəcəyəm. Lakin bunlarla yanaşı, bəzi məqamlara münasibətimi bildirmək istəyirəm. Ölkənin davamlı inkişafı və demokratik cəmiyyət üçün orta təbəqənin xüsusi çəkisi böyük olmalıdır. Ona görə də qeyri-neft sektorunda orta və kiçik biznesi daha sürətlə inkişaf etdirmək lazımdır.
Nəzərə alsaq ki, əhalinin əksəriyyəti kənd rayonlarında yaşayır, onda kənd təsərrüfatı sahəsinin də inkişafına xüsusi diqqət ayırmalıyıq. Ölkədə daxili imkanlar hesabına layihələri həyata keçirmək daha əlverişli olardı. Bankların fəaliyyətlərini yaxşılaşdırmaq, kiçik kredit verən qurumların sayını artırmaq və onların fəaliyyətinin yaxşılaşmasına müsbət şərait yaratmaq lazımdır. Orta və kiçik biznesin inkişafına, xüsusi ilə kənd təsərrüfatına, emal müəssisələrinə aşağı faizlə kreditlər vermək, habelə onun verilməsini asanlaşdırmaq mühüm şərtlərdən biridir. Ölkənin iqtisadi inkişafını təbii sərvətlərin hesabına yox, intellektin gücünə aparmaqdan ötrü elmin və texnikanın zənginləşməsinə vəsait yönəltmək uğurlu nəticə verərdi.
Dövlət müəssisələrində xərclərin təminatı üzrə səmərəli xərclənməsinə xüsusi nəzarət etmək, saxtakarlığın və korrupsiyanın qarşısını almaq üçün müvafiq qurumların və nəzarət orqanlarının bu sahədə fəaliyyətini gücləndirmək məqsədəuyğun olardı. Hesabatda xərclənən vəsaitlərin bir hissəsinin vakansiyada olan ştatların hesabına yarandığı aydın olur. Cənab Prezidentin siyasətinin strateji xətti ölkədə iş yerlərinin sayının artması, işsizliyi aradan qaldırmaq, insanların daha firavan yaşamasını təmin etməkdirsə, onda bu iş yerləri niyə boş qalmalıdır? Hesab edirəm ki, məmurlar bu vakant yerləri saxlamaqla idarəetmədə müəyyən şəxsi fikirlərini daha asan həyata keçirmək üçün imkanlarını artırırlar. Düşünürəm ki, belə münasibət yolverilməzdir. Deputat həmkarlarımı hesabatın qəbul olunmasının lehinə səs verməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun, hörmətli Sədr. Mən də bildirmək istəyirəm ki, büdcə Milli Məclisə daxil olduqdan sonra bir çox komissiyaların iştirakı ilə geniş müzakirə edilmişdir. Vaxt məhdudiyyəti qoyulmadan hər bir millət vəkili və dəvət olunan qonaqlar büdcə barədə fikirlərini demişlər. Müəyyən nöqsanlar, qüsurlar, suallar həmin müzakirələr zamanı cavablandırılmışdır.
Bu gün aparılan müzakirələrdə də bəzi qüsurlar deyildi. Əlbəttə, qüsuru demək çox asandır. Amma qüsursuz da iş yoxdur. Yaxşı olar ki, biz bu gün müzakirə etdiyimiz sənədin səviyyəsini qiymətləndirərkən, məsələyə ötən illərlə müqayisəli şəkildə yanaşaq. Ötən illərdə biz proqnozlarla reallıqların bir-birinə uyğun gəlməməsinin şahidi olurduq. Eyni zamanda, qanunvericilik təminatının olmadığına görə, bəzi normativlərin olmaması üzündən qüsurlar meydana çıxırdı. Maliyyə siyasətinin açıqlanması, izahatı verilmirdi. Bu barədə biz həmişə nagüman qalırdıq. Xərclər normativi, yəni büdcəyə daxilolmalarla yanaşı, xərclər barədə müəyyən normativlər yox idi. Daxil olan vəsaitin xərclənməsi istiqamətində normativlərin olmaması bu və ya digər qüsurların əmələ gəlməsinə gətirib çıxarırdı. Bütün bunlar barədə bizim büdcə sistemində, büdcə xərclərinin, gəlirlərinin formalaşmasında çoxlu qüsurlar olurdu. Biz bunu keçid dövrünün müəyyən çətinlikləri ilə izah edirdik. Sözün əsl mənasında, göstərilən dövr ərzində biz həmin qüsurların aradan götürülməsinin, mükəmməl büdcə sənədlərinin bizə təqdim olunmasının şahidiyik.
Əvvəlki illərlə müqayisəli şəkildə baxsaq, indiki dövrdə çox böyük irəliləyişlər var. Sənədlər mükəmməldir. İldən-ilə neftin qiymətinin dəyişməsinə baxmayaraq, hesablamalar bir-birini tamamlayır. Digər göstəricilərin təsiri altında büdcədə əlavələr olur, dəyişikliklər etmək zərurəti yaranır. Amma büdcə standartlara uyğun şəkildə tərtib edilmişdir. Onun icrası, xərclənməsi istiqamətində də əvvəl mövcud olan qüsurlar yoxdur.
Hörmətli Sədr, mən komissiyanın iclasında da dedim. Bizdə vergilərin artması çox gözəl haldır, biz bunu alqışlayırıq. Üstəlik büdcə gəlirlərində vergilərin payının artması vergi normalarının artırılması hesabına deyil, vergi ödəyicilərinin sayının artması hesabınadır. Bu da ölkədə sahibkarlığın inkişafı ilə, uğurlu iqtisadi islahatların gedişi ilə izah oluna bilər. Eyni zamanda, mən komissiyanın iclasında da dedim, əmlak vergisindən daxilolmaların azlığı diqqəti cəlb edir. Bunu ölkə Prezidenti cənab İlham Əliyev də öz çıxışında göstərmişdir. Bir neçə ay bundan əvvəl. Hörmətli vergilər naziri Fazil müəllim də bunu etiraf etmişdir. Düzdür, komissiyanın iclasında bunun izahı başqa cür verildi. Yəni yerli vergilərin bələdiyyələrə getməsi və s. Amma ildən-ilə əmlakın artması ilə vergilərin artım tempinin ayaqlaşmaması göstərir ki, hər hansı bir daşınmaz əmlakın hesabına vergilərin alınmasında müəyyən yeni bir addım atılmalıdır.
Ümumiyyətlə, mən sənədi mükəmməl hesab edirəm, qanunauyğun hesab edirəm, standartlara müvafiq qaydada tərtib olunmuş bir sənəd kimi dəyərləndirir və deputat həmkarlarımı onun lehinə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun, cənab Sədr. Mən də hesabata öz münasibətimi bildirmək istəyirəm. Əvvəla, burada qeyd olunur ki, büdcə gəlirlərinin toplanmasında yalnız Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, bir də dövlət əmlakının icarəyə verilməsindən nəzərdə tutulan proqnozlardan artıq miqdarda gəlirlər ödənilir. Bunu biz qiymətləndirməliyik və xüsusi qeyd eləməliyik. Amma burada Hesablama Palatası tənqiddən nəticə çıxarmalıdır. Yəni vaxtında bizə özünün rəyini təqdim eləməlidir ki, büdcə hesabatını öyrənə bilək. Bu dəfə Samir Şərifov hesabatla çıxış elədi. Yaxşı olardı ki, hökumətin nümayəndəsi Hesablama Palatasının rəyində göstərilmiş nöqsanlara öz münasibətini bildirərdi. Yəni bu rəy vaxtında təqdim olunsaydı, hökumət də burada qeyd olunmuş nöqsanların yaranma səbəblərinə aydınlıq gətirərdi. Məsələn, bizim Hesablama Palatası rəy verib ki, hasilat cəmi 0,6 faiz azalsa da, mədən vergisi ödənilmir. Hökumət bunun səbəblərini niyə izah eləmir? Hesablama Palatası bunun səbəblərini öz rəyində əks elətdirmir. Bu, millət vəkilləri arasında, cəmiyyətdə, ümumən, problemlərin aradan qaldırılması üçün öz müsbət təsirini göstərmiş olardı.
Hesabatda qeyd olunur ki, iri vergi ödəyiciləri cəmi
52 faiz proqnozlaşdırılan vergini ödəyiblər. Ən dəhşətli hal odur ki, “Azərkimya” şirkəti cəmi 7 faiz vergi ödəyir və keçən hesabat dövrü ərzində 7,8 dəfə vergi borcu artıb. Ümumiyyətlə, digər iri vergi ödəyiciləri də belə səmərəsiz fəaliyyət göstərirlərsə, biz bu məsələni qaldırmışdıq. İri vergi ödəyiciləri, o cümlədən Dövlət Neft şirkəti, “Azal”, başqa şirkətlər də daxil olmaq şərti ilə özəlləşdirməyə çıxarılmalıdır. Mən bunu təklif eləyirəm. İstərdim, hökumət bu barədə öz fikrini bildirsin ki, ümumiyyətlə, iri sənaye müəssisələrinin özəlləşdirilməsinə nə vaxt başlanacaq?
Büdcəyə toplanan gəlirlərin miqdarını artırmaq üçün mən vaxtı ilə Milli Məclisdə məsələ qaldırmışdım. Biz neft müqavilələrini bağlayanda dünyada neftin qiyməti 20 dollar cuvarında idi. Bir az aşağı, bir az yuxarı qalxıb düşürdü. Ona görə də biz həmin müqavilələrdə iri neft şirkətlərinə çoxlu güzəştlər nəzərdə tutmuşduq ki, onlar daha çox gəlir əldə etsinlər, bura sərmayə yatırmaqda maraqlı olsunlar. Amma indi xeyli vaxt keçib. Dünyada neftin qiyməti 72 dollara çatıb. Belə olduğu halda biz nəyə görə həmin vergilərdən onları azad eləmişik? Həmin vergiləri bərpa eləmirik? Tutaq ki, əlavə dəyər vergisi. Biz həmin qanunları təsdiq eləmiş bir qurum kimi məsuliyyət daşıyırıq. Xalqın sərvəti ilə bizim bu cür davranmağa heç bir mənəvi haqqımız yoxdur. Mən çox istərdim ki, hökumət həmin müqavilələri yenidən müzakirəyə çıxarsın. Bu günləri Amerika Birləşmiş Ştatları kimi bir ölkədə dünyada neftin qiymətlərinin qalxmasını nəzərə alaraq, konqresdə Amerika neft şirkətlərinin vergilərinin artırılması ilə bağlı ciddi müzakirələr gedir. Yəni Demokratlar partiyası bunu konqresin müzakirəsinə çıxarıb. Mən də çox istərdim ki, Azərbaycanda da biz bu məsələlərə baxaq.
Bundan başqa, bu yaxınlarda mən ANS televiziyasında bir süjetə baxdım. Yəqin ki, bizim hökumət nümayəndələri də televiziyaları, mətbuatı izləyirlər. Orada qeyd olunurdu ki, özəl şirkətlərdə bir kvadrat metr tikinti təqribən 240 dollara başa gəldiyi halda, dövlət idarə, müəssisə və təşkilatları tərəfindən aparılan tikintilərin bir kvadrat metri 2 min dollara başa gəlib. İstərdim, hökumət bu məsələyə aydınlıq gətirsin. Bu qədər fərq nə ilə bağlıdır? Dövlət əmlakı niyə dağıdılır? Bundan başqa, burada da qeyd olundu, büdcənin icrası ilə bağlı rəqəmlərdə Maliyyə Nazirliyi ilə Vergilər Nazirliyi arasında kifayət qədər fərq var. Mən də baxdım. Həqiqətən, həmin fərqlər mövcuddur. Yəni buna da bir aydınlıq gətirilməlidir. Bu nə ilə bağlıdır? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Saat 4-ə kimi tənəffüs elan edirəm.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Xahiş edirəm, əyləşin, iclas davam eləyir. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli deputatlar, hörmətli qonaqlar, bu gün Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrasına dair hörmətli həmkarım Ziyad müəllim Səmədzadə və hörmətli nazirimiz Samir müəllim Şərifov çox geniş, ətraflı, məzmunlu çıxış etdilər. Demək olar ki, onların çıxışından sonra bu layihəni oxumasan da danışmaq olar. Amma layihəni oxumuşuq, birgə komissiyaların iclaslarında da geniş müzakirə etmişik və bizim deputat həmkarlarımız hər biri öz fikirlərini deyiblər. Burada qeyd olunduğu kimi, doğrudan da, 2005-ci ilin dövlət büdcəsinin mədaxil hissəsinin də 36,2 faiz çoxalması bir daha göstərir ki, respublikamızda regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar möhtərəm Prezidentimiz tərəfindən qəbul olunmuş proqram layiqincə həyata keçirilir. Təbii ki, büdcəni yığan, həyata keçirən təşkilatlar var. Burada ən çox ağırlıq bölgü üzrə Vergilər Nazirliyinin üzərinə düşür. Əlbəttə, 2004-cü illə müqayisədə 43,5 faiz büdcə artımı yüksək inkişaf tempindən xəbər verir. Eləcə də Dövlət Gömrük Komitəsinin 44,3 faiz çox vəsait köçürməsi bu təşkilatların və digər təşkilatların büdcə qarşısında olan öhdəlikləri həyata keçirməsindən xəbər verir, bu, regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar qəbul olunmuş proqramın həyata keçirilməsi deməkdir. Bu bir daha onu göstərir ki, möhtərəm Prezidentimiz tərəfindən həyata keçirilən iqtisadi siyasət çox böyük səmərə ilə həyata keçirilir.
Hörmətli Samir müəllim xərclər haqqında geniş, ətraflı məlumat verdi. Əlbəttə, mən vaxt almaq istəməzdim. Çünki xərclərin bölünməsi, paylanması və onlara nəzarət bir iqtisadçı kimi, komissiya sədri kimi məni təmin edir. Xüsusi ilə mən Naxçıvandan seçilən deputat kimi, Naxçıvan Muxtar Respublikasının büdcəsi və ona verilən dotasiya Naxçıvanda əhalinin sosial rifahının yaxşılaşmasına, tikinti-quruculuq işlərinin və digər abadlıq, sosial məsələlərin həyata keçirilməsinə müsbət təsir göstərmişdir. Bir il bundan qabaq Naxçıvana getməyən adamlar indi Naxçıvana getsə, görərlər ki, Naxçıvanda çox böyük dəyişikliklər əmələ gəlib. Təbii ki, bu, büdcənin Naxçıvana etdiyi köməkdir. Təbii ki, Naxçıvana bu gün hökumətin diqqəti böyükdür. Çünki Naxçıvan xüsusi coğrafi mövqeyə malik olan regiondur. Bu baxımdan mən deputat kimi minnətdarlığımı bildirmək istəyirəm.
İstəyirəm, fürsətdən istifadə edib bir sual da verim. Çünki keçən dəfə komissiyalarda müzakirə edərkən, hörmətli Heydər müəllim də dedi, hətta sual da verdilər. Mən onu başa düşə bilmədim ki, aqrolizinqə büdcədən 100 milyard manat pul ayrılıb. Amma Heydər müəllim dedi ki, biz ona nəzarət edə bilmirik. İstərdim ki, bu məsələyə də aydınlıq gətirsin. Əgər büdcədən ayrılan vəsaitə Maliyyə Nazirliyi nəzarət edə bilmirsə, yaxud ola bilsin ki, düz eşitməmişəm, bu məsələ ürəyimdə qaldı. İstərdim ki, buna da aydınlıq gətirəm.
Mən hesab edirəm ki, hörmətli Sədr, 2005-ci ilin dövlət büdcəsinin icrasına dair hesabat da çox yüksək səviyyədə hazırlanmışdır. Həqiqətən, ildən-ilə büdcəmizdə inkişaf var. Təbii ki, hörmətli həmkarlarımın hər birinin ürəyində sözləri var. Mənə elə gəlir ki, bunun geniş müzakirəyə ehtiyacı yoxdur. Dövlət büdcəsindən günlərlə danışmaq, söz tapmaq olar. Ola bilsin ki, bəziləri vaxt istəyir. Onlara vaxt versəniz, söz tapıb danışa bilərlər. Aydındır, gözümüzün qabağındadır, büdcənin mədaxili nədir, xərci nədir. Büdcə çox böyük şəffaflıqla yerinə yetirilib. Hörmətli həmkarlarımdan xahiş edirəm, bu büdcəyə səs verək. Büdcədə olan xırda nöqsanlar varsa, onu da Samir müəllimdən xahiş edək ki, 2006-cı ilin büdcəsində təkrar olunmasın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Mən hesabatı dinlədim və məqsədəuyğun hesab etdim ki, gələcəkdə nəzərə alınmaq üçün bir sıra məsələlərə toxunum. Məni büdcədə təhsil xərclərinin azlığı daha çox narahat edir. Azərbaycanda təhsil sahəsində yaranmış indiki ağır vəziyyətin aradan qaldırılması, fikrimcə, həm də bu sahəyə xərcləri artırmaqdan keçir. Təhsil xərclərinin artırılmasının zəruriliyindən danışarkən, mən heç də bütün tədris müəssisələrinin müasir tədris ləvazimatları və tədris ədəbiyyatı ilə təchizatını, bütün ümumtəhsil məktəblərinin kompüterləşdirilməsini, müasir informatika-kommunikasiya texnologiyalarının tətbiqini nəzərdə tutmuram. Bu xərclərin artırılmasının zəruriliyindən danışarkən, mən heç də aztəminatlı ailələrdən olan uşaqların ali və orta təhsil almaq imkanlarını gücləndirmək məqsədi ilə təhsil kreditlərinin və maliyyə yardımlarının yeni sisteminin yaradılmasını nəzərdə tutmuram. Hərçənd ki, biz indi məhz bu təminatlar haqqında düşünməliyik.
Yerlərdəki real vəziyyətdən çıxış edərək, məni daha çox narahat edən müəllimlərə verilən əmək haqqının aşağı səviyyəsi və kənd rayonlarının məktəblərinin hətta ən adi təchizatının belə olmamasıdır. Təbii ki, müəllimlərin əmək haqqını artırmaq zərurəti barədə çox danışmaq istəmirəm. Çünki bu sahədəki ağır vəziyyət, hesab edirəm ki, hamıya aydındır. Daha çox məktəblərin təchizatı sahəsindəki ağır vəziyyətə diqqəti yönəltmək istəyirəm. Nəinki kənd məktəblərində, hətta rayon mərkəzində yerləşən məktəblərdə artıq istismar müddətini çoxdan başa vurmuş və bu səbəbdən də neçə il ardıcıl olaraq primitiv üsullarla təmir edilmiş, demək olar ki, istifadəyə tam yararsız hala düşmüş şagird partalarını görəndə istər-istəməz düşünməli olursan. Əgər əksər məktəblərdə şagirdin 4-5 saat rahat əyləşmək üçün məktəb partası yoxdursa, bu halda normal təhsildən danışmağa dəyərmi? Bu sualın cavabı verilməlidir. Eyni zamanda, dövlətimizin də mövcud imkanları hamıya bəllidir. Bəs nədən biz bu köhnə, yararsız skamyaları yeniləri ilə əvəz etməməliyik?
Yaxud başqa sual. Müxtəlif əyani vəsaitlərdən tutmuş təbaşirə qədər adi məktəb ləvazimatlarının çatışmazlığı probleminin həllini dövlətimizin mövcud imkanları müqabilində nə vaxta qədər növbəti illərə saxlayacağıq? Nə vaxta qədər valideynlər soyuq aylarda sinif otaqlarını qızdırmaq üçün məktəblərə yanacaq daşımaq problemi ilə üz-üzə qalacaqlar? Mən bu sualların sayını bir qədər də artıra bilərəm. Ancaq bunu etmədən o fikirdə qalıram ki, büdcənin gəlir hissəsinin artdığı indiki vəziyyət məktəblərin maddi-texniki bazasını möhkəmləndirmək, illərlə davam edən acınacaqlı vəziyyəti aradan qaldırmaq, təhsil işçilərinin əmək haqqını yüksəltmək üçün xeyli imkanlar yaradır. Biz də bundan istifadə edərək, təhsilə xərcləri artırmalıyıq.
Büdcə ilə əlaqədar mənim toxunmaq istədiyim digər məsələ Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş insanların ailələrinə və ya bu döyüşlərdə əlil olmuş şəxslərə edilən yardımlarla bağlıdır. Mənim əlimdə 205 nəfər şəhid ailəsinin müraciəti var. Müraciətdə şəhid valideynləri gündəlik həyatda yaşadıqları çətinliklərdən danışır, yoxsulluq və işsizlik kimi sosial bəlaların geniş vüsət aldığı indiki dövrdə onlara yardımların artırılmasını xahiş edirlər. Doğrudan da, əvvəllər şəhid ailələri üçün müalicə pulu, nəqliyyat pulu, işıq, su pulu və sair güzəştlər olsa da, sonradan məlum olduğu kimi, bütün bu güzəştlər köhnə manatla 60 min manat pul verilməsi ilə əvəz edildi. Nəzərə alsaq ki, təkcə elektrik enerjisinin ödənilməsi üçün həmin məbləğin 30-40 min manatı sərf edilir, o halda ayrılan bu vəsait hesabına şəhid ailələrinin hansı vəziyyətdə yaşadıqlarını təsəvvür etmək o qədər də çətin deyildir.
Mən bu çıxışımda şəhidlər haqqında, Azərbaycanın ərazi bütövlüyü uğrunda canını qurban vermiş insanlar haqqında, onların ağır vəziyyətdə yaşayan ailələri, valideynləri haqqında danışmaq fikrindən uzağam. Ancaq o fikirdəyəm ki, şəhid olmuş igidlərimizin valideynlərinin və ya digər ailə üzvlərinin yaşamaq üçün çox kiçik məbləğdə pul əldə etmək məqsədi ilə icra hakimiyyətinin rəhbər işçilərinin, bələdiyyə rəhbərlərinin və ya digər şirkət rəhbərlərinin qapılarının qarşısında saatlarla gözləmələri, onlara yaşamaq üçün pul vermələrini xahiş etmələri nə dövlətimizə, nə də parlament üzvləri kimi bizim heç birimizə baş ucalığı gətirmir. Xüsusi ilə müharibə vəziyyətində olan bir ölkə üçün bu, bağışlanılmaz haldır. Mən ümid etmək istərdim ki, büdcə xərclərində həm də müharibə əlillərinə və şəhid ailələrinə ayrılan vəsait artırılacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən, təbii ki, 2005-ci ilin büdcəsinin icrasını qənaətbəxş hesab edirəm və həmkarlarımı səs verməyə çağıracağam. Amma Hesablama Palatasından bizə göndərilmiş hesabatda qeyd olunan bəzi məsələlərlə bağlı açıqlama verilmir. Başa düşülmür ki, bunların səbəbləri nədir? Ona görə istərdim ki, hökumət rəsmiləri bu suallara cavab versinlər. Bu suallardan biri nədir? Hesablama Palatasının sənədlərində deyilir, təhsil sistemində aparılan maliyyə nəzarəti tədbirləri nəticəsində müəyyənləşdirilmişdir ki, Bakı Dövlət Pedaqoji Kolleci üzrə kollec tərəfindən elektrik enerjisi məsrəfləri üçün 13,8 milyon vəsait tələb olunduğu halda, Təhsil Nazirliyi 70 milyon manat səviyyəsində, yəni 5,1 dəfə çox proqnozlaşdırmışdır. Digər tərəfdən göstərilir ki, Azərbaycan Texniki Universitetində qaz haqqının ödənilməsi üzrə 2004-cü ildə xərclər proqnozu 20, 2005-ci ildə isə 120 milyon manat şişirdilmişdir. Bunlar çox böyük rəqəmlərdir. Mən sual vermək istəyirəm ki, cəmi iki təhsil ocağındamı yoxlamalar aparılıb, yoxsa ümumi mənzərə necədir? Ümumi mənzərə əgər buna yaxındırsa, bu çox ciddi siqnallardır. Mən buna aydınlıq gətirilməsini istərdim.
Digər bir maddədə deyilir ki, Gədəbəy şəhərində 180 çarpayılıq xəstəxana kompleksinin tikintisi üzrə tender sənədlərində qiymətlərin əsassız artırılması nəticəsində 251,2 milyon manat məbləğində tikintinin dəyəri əsassız olaraq şişirdilmişdir. Çox böyük rəqəmlərdir. Ona görə mən istəyirəm ki, həm səhiyyə sahəsində, həm də təhsil sahəsində, ümumiyyətlə, mənzərə necədir? Burada böyük vəsaitlərdən söhbət getdiyi üçün hökumət üzvləri gələcəkdə bunların qarşısını almaq üçün hansı addımları atacaqlar?
Digər maddədə maraqlı bir bənd var. Hesablama Palatası göstərir ki, ali və orta ixtisas təhsili müəssisələrinin inzibati heyətinin ştatlarının müəyyən edilməsini tənzimləyən normativlər yoxdur. Mərkəzləşdirilmiş xərclərdən maliyyələşdirilən ali və orta ixtisas təhsili müəssisələrinin, peşə məktəbləri və liseylərin, elm müəssisələrinin ştat cədvəlləri maliyyə orqanlarının qeydiyyatından keçirilməmişdir. Bunun səbəbi nədir? Bu keçirilməyibsə, buna nəzarət hansı səviyyədə şəffaf ola bilər?
İkinci digər məsələ. Aparılan nəzarət tədbirləri göstərir ki, 2005-ci ilin dövlət büdcəsi zərfinə daxil edilmiş elm, təhsil, səhiyyə və mədəniyyət proqramları büdcənin icrası prosesində tamamilə diqqətdən kənar qalmışdır. Həmin sahələrdə proqramların icrasına büdcə xərclərinin iştirakını müəyyənləşdirmək mümkün olmamışdır. Mən xahiş edirəm, bunlar böyük sahələrdir, bu sahələrdə kifayət qədər böyük maliyyə vəsaitlərindən söhbət gedir. Əgər bu iştirakı müəyyənləşdirmək mümkün olmamışdısa, şəffaflıqdan da danışmaq mümkün deyil. Gələcəkdə bunun qarşısını almaq üçün hansı tədbirlər görüləcək? Mən xahiş edirəm, bu barədə açıqlama verilsin.
Sonuncu, bu xərc hissəsində mənim diqqətimi çəkən bir məqam var. Bilirsiniz, Prezident bu sahəyə çox diqqət yönəldir. Yazılır: ”2005-ci ilin dövlət büdcəsi zərfinin tərkib hissəsi olan 2005-2008-ci illərdə dövlət investisiya siyasətinin əsas istiqamətlərində vəsaitlərin ayrılması üçün əsas şərt kimi qoyulan layihələrin texniki-iqtisadi göstəricilərinin olması, həmçinin dövlət investisiyasının əsas istiqaməti kimi sosial obyektlərin inşası, istehsal sahələrinin inkişafı, ixrac potensialının genişləndirilməsi kimi əsas tələblərə əməl olunmamışdır. Layihə-smeta sənədləri olmayan obyektlərə, həmçinin təmir işləri üçün investisiya xərclərindən vəsait ayrılmışdır”. Kimdir bu cavabdeh təşkilatlar və buna qarşı əgər bu faktlar göstərilirsə, hansı tədbirlər görülüb? Gələcəkdə, gələn ilin büdcəsində bunun qarşısını almaq üçün hansı işlər görüləcək?
Mən bu məsələləri bilmək istəyirəm. Bir də büdcənin gəlir hissəsində bir-iki məsələyə aydınlıq gətirilməsini istərdim. Hesablama Palatasının hesabatında mədən vergisi üzrə tapşırığın aşağı səviyyədə olmasının səbəbi Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyi üzrə 5,9 milyard tapşırığa qarşı büdcəyə 254 milyard manat az vəsait (49,9 faiz) köçürülməsi ilə izah edilir. Ancaq hesabatda bunun nəyin hesabına baş verməsi açıqlanmır. Əgər hesabatda açıqlanmırsa, xahiş edirəm, hökumət üzvləri bunu aydınlaşdırsınlar. Çünki bunlar ciddi rəqəmlərdir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. 12 nəfər çıxış eləyib. Əgər etiraz yoxdursa, hökumət üzvləri suallara cavab versinlər. Söz verilir Fazil Məmmədova.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! İcazə versəniz, suallara cavab verməmişdən öncə 2005-ci ilin yekunları haqqında qısa məlumat verərdim. Bəzi sualları da, eyni zaman da, əhatə edərdim.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan və çoxlarının əfsanə kimi qəbul etdiyi qlobal iqtisadi layihələr artıq reallığa çevrilmişdir. Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının bu gün cənab Prezident İlham Əliyev tərəfindən böyük dinamizmlə davam etdirilməsi daha uğurlu nəticələrlə müşahidə olunmaqdadır. Belə ki, ölkənin iqtisadi və sosial həyatında son illər müşahidə olunan yüksəliş 2005-ci ildə də özünün ən yüksək səviyyəsinə çatmış, ölkəmizdə Heydər Əliyev siyasi və iqtisadi kursunun alternativi olmadığını sübut etmiş və bu uğurları əyani nümayiş etdirən makro iqtisadi göstəricilər isə əvvəlki illərlə müqayisədə əhəmiyyətli dərəcədə yaxşılaşdırılmışdır.
2005-ci ildə ümumi daxili məhsul 26,4 faiz, sənaye istehsalı 56,6 faiz, kənd təsərrüfatı 7,5 faiz, rabitə xidmətlərinin həcmi 36 faiz, pərakəndə əmtəə dövriyyəsi 13,2 faiz, xarici ticarət 28,8 faiz, orta aylıq əmək haqqı 22,9 faiz, əhalinin pul gəlirləri 27 faiz artmışdır. Ölkə rəhbərliyinin gərgin əməyi və yüksək tələbkarlığı sayəsində əldə edilmiş bu uğurlar vergi daxilolmalarının artımına öz təsirini göstərməyə bilməzdi. Belə ki, iqtisadiyyatda mövcud olan bu yüksəlişin nəticəsi olaraq Vergilər Nazirliyi tərəfindən 2005-ci ildə 7 trilyon 102 milyard manat proqnoza qarşı dövlət büdcəsinə 7 trilyon 138,3 milyard manat vəsait daxil olması təmin edilmiş, proqnoza 100,5 faiz əməl edilmişdir. 2005-ci ildə büdcəyə daxil olmuş vəsaitlərin həcmi 2004-cü illə müqayisədə 2 trilyon 112 milyard manat və ya 40,8 faiz çox olmuşdur.
Dövlət başçısının ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılması, özəl sektorun inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər də öz nəticəsini vermişdi. Dövlət sektoru üzrə büdcəyə
3 trilyon 706 milyard manat proqnoza qarşı 3 trilyon 333,3 milyard manat vəsait daxil olmaqla, proqnoza 89,9 faiz əməl edilmişdir ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 898,3 milyard manat və ya 36,9 faiz çoxdur. Qeyri-dövlət sektoru üzrə 3 trilyon 396 milyard manat proqnoza qarşı 3 trilyon 905 milyard manat vəsait daxil olmaqla, icrası 112 faiz təşkil etmişdir. Bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 trilyon 214 milyard manat və ya 46,9 faiz çoxdur.
2005-ci ildə qeyri-neft sektoru üzrə büdcəyə 2 trilyon 202 milyard manat proqnoza qarşı 4 trilyon 427,8 milyard manat vəsait daxil olmaqla, proqnoza 105,4 faiz əməl edilmişdir ki, bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 1 trilyon 323,5 milyard manat və ya 42,6 faiz çoxdur. Neft sektoru üzrə 2 trilyon 900 milyard Azərbaycan manatı proqnoza qarşı 2 trilyon 710,6 milyard manat vəsait daxil olmaqla, icrası 93,5 faiz təşkil etmişdir. Bu da 2004-cü ilin müvafiq dövrü ilə müqayisədə 788,7 milyard manat, yaxud 45 faiz çoxdur. 2005-ci ildə respublikanın bütün rayonlarını və 9 vergi növü üzrə vergi proqnozu icra edilmiş, daxilolmaların ahəngliyinə nail olunmuşdur.
Ötən ildə 2002-ci ilə nisbətən vergilərin yığılması sənaye sahəsində 2 dəfə, tikinti sahəsində 2,6 dəfə, ticarət və xidmət sahəsində 28 faiz, nəqliyyatda 32,6 faiz, rabitədə 2,7 dəfə, tütün məhsullarının istehsalında 3 dəfə, alkoqollu içkilərin istehsalında 20 faiz, digər sahələrdə isə 2,8 dəfə çox olmuşdur.
Ümummilli lider Heydər Əliyevin tövsiyələri və bilavasitə tapşırığı ilə vergi orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində vergi ödəyicilərinin hüquqlarının müdafiəsi və əsassız yoxlamanın aradan qaldırılması sahəsində mühüm tədbirlər həyata keçirilməklə yanaşı, vergi nəzarətinin daha da təkmilləşdirilməsi üçün ən yeni texnologiyanın tətbiqinə üstünlük verilmişdir. Vergilər Nazirliyinin Mərkəzi informasiya bazasının imkanlarından istifadə etməklə vergi nəzarəti sərtləşdirilmişdir. Son 5-6 ildə vergi yoxlamalarının sayının 4 dəfə azalmasına baxmayaraq, Vergilər Nazirliyi tərəfindən təkcə 2005-ci ildə aparılmış səyyar vergi yoxlamaları ilə büdcəyə 1 trilyon 46,4 milyard manat əlavə vəsait hesablanmışdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ötən il ölkəmizin əldə etdiyi uğurların cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2006-cı ildə də davam etdiriləcəyinə əminliyimi bildirməklə, vergi orqanları qarşıya qoyulan öhdəlikləri layiqincə yerinə yetirəcək və 2006-cı ilin dövlət büdcəsinin Vergilər Nazirliyi üçün müəyyən olunmuş 11 trilyon 200 milyard manat miqdarında proqnoz tapşırığının təmin edilməsinə nail olacağıq. Diqqətinizə görə sağ olun.
Hörmətli Sədr, icazə versəniz, Məclisdə hörmətli deputatlar tərəfindən qaldırılan bir neçə suala cavab verərdim. Əlbəttə, 2005-ci ilin büdcəsinin icrası ilə əlaqədar vergi daxilolmalarının və proqnozun icra olunmasında söylədikləri sözlərə görə millət vəkillərinə dərin minnətdarlığımı bildirirəm. Eyni zamanda, Hesablama Palatasının arayışı millət vəkillərinə təqdim olunub.
Mən burada bəzi deputatların dediyi sözlərə təəssüf edirəm. Mən bütün millət vəkillərinə üzümü tutaraq onlara böyük ehtiramımı və hörmətimi bildirirəm. Amma bəzi millət vəkillərinin isə bazar iqtisadiyyatı sözündən kənarlaşıb, bazar sözləri danışmalarını heç cür başa düşə bilmirəm. Millət vəkili Pənah Hüseyn söyləyir ki, 1200 dollar alıblar, 3000 dollar istəyiblər, “almısan, qaytar”. Nə bilim, bu nədir? Bazardır, nədir? Mən üzr istəyirəm, bazar iqtisadiyyatı deyir, amma bazardan xəbərləri yoxdur. Bazar iqtisadiyyatı nə deməkdir? Razborkalarla pul qaytarmaq Sizin dövrünüzdə idi. Dövlətin büdcəsi var, dövlət büdcəsində icra var, icranın da vəziyyəti var. Millət vəkilləri öz sözlərini yekunda deyəcəklər. Al nədir, qaytar nədir? Müəssisə nədir? Müəssisənin adı çəkilmir.
Məndə də məlumatlar var ki, Pənah Hüseyn deputat seçiləndən sonra bir çox şirkətlərə havadarlıq etmək niyyətindədir. Onlara öncədən haqq qoyub ki, vergi orqanlarına təzyiq etməklə, sizi vergilərdən azad edəcəyəm. Bu da bizim əməliyyat məlumatıdır. Mən xahiş edirəm, bunu nəzərə alasınız. Milli Məclisin üzvləri tərəfindən bütün tənqidləri dinləməyə biz hazırıq. Milli Məclisin üzvlərinin hər birinə böyük ehtiramımı bildirirəm. Milli Məclisin üzvünün ixtiyarı var, deputat sorğusu eləsin, konkret müəssisə haqqında soruşsun.
Respublikada hüquqi dövlət qurulur. Respublikada məhkəmə orqanları var, hüquq mühafizə orqanları var. Konkret mövzudan söhbət gedə bilər. Bu nə söhbətdir? Kim alıb? Sən qaytar! Nə vaxt qaytaracaqsan? Nə isə. İcazənizlə, mən çox təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamınız yerinizdə əyləşin. Fazil müəllim, Siz də davam eləyin.
F. Məmmədov. Deməyəndə olmur.
Sədrlik edən. Mən Pənah bəylə danışanda ona irad tutdum. Birincisi, rəsmi müraciəti yoxlayarlar. Yoxlamamış, mikrofonda bu sözü deməzlər. Sən yenə köhnə xasiyyətləri başladın. Özün başlamısan. Belə danışmağı öyrənmisiniz.
F. Məmmədov. Sən elə bilirsən, insanları hövsələdən çıxara bilirsən, səni hövsələdən çıxarmaq olmur?
Cənab Sədr, icazə versəniz, iki kəlmə ilə rəqəmləri nəzərinizə çatdırmaq istərdim. O da ondan ibarətdir ki, Hesablama Palatasının hesabatında hərtərəfli yazılıb. Orada bəzi rəqəmlər var. Düzdür, bəzi eyhamlar da gedir. Bəzi sözlər də var. 4-cü maddədə belə bir söz gedir: “ənənə”, “xoşagəlməz ənənənin davam etdirilməsi” və s. Əlbəttə, iqtisadiyyatla, mühasibatla məşğul olmayan insanların bəzən informasiyasını qəbul etməsi məqbuldur. Amma şadam ki, Milli Məclisdə çoxlu şirkət rəhbərləri, müəssisə rəhbərləri, eyni zamanda, görkəmli iqtisadçılarımız əyləşiblər. Yəqin ki, onlar da müəssisələrin hesabatlarının, balanslarının necə tərtib olunması haqqında müəyyən məlumatlara malikdirlər. Yəni tənqidi fikirlər həmin rəqəmlərdə öz əksini tapır, digər rəqəmlər isə qətiyyən təhlil olunmur. Mən xahiş edirəm, bizim arayışı da millət vəkillərinə təqdim etsinlər. Bu, heç də düzgün mövqe deyil. Bəli, doğrudan da, bəzi məsələlər var ki, orada hesablanmış vergilərlə daxil olan vergilər arasında azalma var. Amma söhbət nədən gedir? Məsələ ondadır ki, hesablanmış verginin özü nə qədər artıb? Hesablanmış verginin bazası nə qədər artıb? Məsələ bundan ibarətdir. Vergi nəzarəti artırılmaqla, baza nə qədər inkişaf edib. Rəqəmlərlə mən bunu sizin nəzərinizə çatdıracağam. Eyni zamanda, idxal malları ilə daxili satış proseslərində əlavə dəyər vergisinin əvəzləşdirilməsi məsələsi ümumi hesabatda qəbul olunub. Bilavasitə hesabatdakı kimi, artıq hesablanmış əlavə dəyər vergisinin geri qaytarılması prosesi nəzərə alınmadan, hesablanmış və yığılmış vergilər arasında böyük fərqin ortaya çıxarılıb arayışa yazılmasını mən, açığı, başa düşə bilmirəm. Burada çoxlu iqtisadçılarımız əyləşib. Məsələn, rəqəmlərlə mən sizin nəzərinizə çatdırmaq istəyirəm. Bizim hörmətli iqtisadçılarımız və şirkət rəhbərləri yaxşı bilirlər.
Ümumi maliyyə vəziyyətinə təsir eləyən əsas göstəricilər, yəni əlavə dəyər vergisinin çıxılması bilavasitə həmin müəssisələrin xarici iqtisadi fəaliyyəti ilə əlaqədardır. Çünki idxal olunan mallarda əlavə dəyər vergisi, daxili satış, həmin vəsaitlərin geri qaytarılması və yaxud əvəzləşdirilmısi prosesi gedir. Eyni zamanda, məlumat vermək istəyirəm ki, hesabatda təqdim olunan hesablanmış vergilər maliyyə sanksiyalarını əhatə edir. Eyni zamanda, vergi orqanları tərəfindən həm səyyar, həm də vergi orqanında hesabatın üzərində düzəliş aparmaqla həmin vergilərin əlavə olaraq hesablanmasından xəbər verir. Rəqəmləri nəzərinizə çatdırmaq istəyirəm. Əlavə dəyər vergisi üzrə əsas vergi məbləğini nəzərinizə çatdırmaq istəyirəm. Həmin vergi məbləğləri sizin hesabatlarda var. Əlavə dəyər vergisi üzrə 2004-cü ildə əsas vergi məbləği 689,8 milyard manata qarşı 1 trilyon 451 milyon manat, yəni 210,4 faizdir. 2005-ci ilin vəziyyətini nəzərinizə çatdırıram. Hesablanmış vergilər 2 trilyon 597 manatdır. Bir daha qeyd edirəm, bizim maliyyə sanksiyalarından sonra 2 trilyon 597 manat daxil olmuşdur. Əvvəlki ildən 400 milyarddan yuxarıdır. Ümumi hesablamanın içərisində 210 faizdən 69,3 faizə enib. Əgər iqtisadçı kimi baxmaq istəsəniz, həqiqətən, iqtisadiyyatda nə baş verib? Bu isə o deməkdir ki, əsas vergi məbləğlərinin hesablanması və yığılması artıb. Eyni zamanda, vergi nəzarəti güclənib. Əlavə dəyər vergisi üzrə hesab-faktura fırıldaqçılığı ilə məşğul olanların qarşısı alınmayıb. Onların qanuna riayət etməsi üçün vergilər hesablanmışdır. Əvvəllər bu vergilər tamamilə uçotdan yayınırdı. Bizim əsas məqsədlərimizdən birincisi bunun uçotunu bərpa etməkdir. Uçotu bərpa etdikdən sonra həmin vergilərin büdcəyə alınmasını təmin etmək olar.
Əlbəttə, biz hesab edirik ki, möhtərəm cənab Prezident yanında keçirdiyi müşavirələrdə dəfələrlə vergi orqanlarının ünvanlarına çox haqlı tənqidlər söyləmişdir. Əlavə dəyər vergisi hesablanarkən, fırıldaqçılıqla məşğul olanlar haqqında sizə məlumat verdim. 2004-cü ildə əlavə dəyər vergisi
2 trilyon 333 milyard manat hesablanmış, 1 trilyon 117 milyard manat ödənilmişdir. Yəni 47,9 faiz. 2005-ci ildə 3 trilyon 826 milyard manat hesablanmış, 1 trilyon 785 milyard manat daxil olmuşdur. Əvvəlki ildən, yəni 2004-cü ildən 700 milyard manat artıqdır. Eyni zamanda, büdcə daxilolmalarını şübhə altına qoymaqdan söhbət gedirsə, əlbəttə, bizim hörmətli iqtisadçılarımız bilirlər, istənilən faizi istənilən cür təhlil eləmək olar. Amma həqiqətən, biz nə istəyirik? Mən sizin vaxtınızı çox almaq istəmirəm. Yəni bütün vergi növləri üzrə rəqəmləri mən sizin nəzərinizə çatdıra bilərəm. Eyni zamanda, hörmətli Sədrdən xahiş eləyəcəyəm ki, bizim arayışımız paket halında parlament üzvlərinə təqdim olunsun. Yəni onlar da tanış ola bilsinlər. Başqa bir məsələ. Bayaq hesablanmış vergiləri sizə dedim. Eyni zamanda, əlavə dəyər vergisi çox ciddi artımla gedir.
Təkcə 2003, 2004, 2005-ci illər üzrə qısa məlumatı deyim. Yerli hüquqi şəxslər üzrə 2004-cü ildə hesablanmış vergilər 30,2 milyard manat olmuşdusa, 2005-ci ildə
120 milyon manat hesablanmışdır. Nəzərinizə qısaca başqa bir məlumatı çatdırmaq istəyirəm. Məlumat üçün bildirmək istəyirəm ki, bütün Dövlət Neft Şirkəti ilə əlaqədar burada büdcənin neftdən asılılığı və digər məsələlər qoyuldu. Mən vaxtınızı almamaq üçün bütün iqtisadi göstəriciləri demək istəmirəm. Dediyim kimi, bu məlumatları arayışda təqdim eləyəcəyəm.
Bütün iqtisadi göstəricilər, vergi daxilolmaları bütövlükdə ümumi daxili məhsulun artım tempini üstələyir. Mən bəzi rəqəmləri qısa şəkildə deyim. Bu rəqəmlər bilavasitə vergi ödəyicilərinin özlərinin təqdim etdiyi hesablamalar əsasındadır. Bütün vergilərin hamısını deyirəm. Yəni 2003-cü ildə 63,2 faiz icra olunmuşdur. Yəni 88 milyard manata qarşı
566 milyard manat, 2004-cü ildə - 66,3 faiz, 2005-ci ildə - 71,4 faiz. Dövlət Neft Şirkətini, eləcə də xarici neft şirkətlərini çıxmaqla. Yenə deyirəm, sizin vaxtınızı çox almaq istəməzdim, çünki bunlar statistik məlumatlarda öz əksini tapıbdır. Amma mən bizim hörmətli mütəxəssislərimizdən xahiş eləyərdim ki, hesablamaların hamısını məqsədyönlü və düzgün istiqamətdə ölkənin iqtisadi inkişaf ölçülərini nəzərə almaqla qiymətləndirsinlər.
Hörmətli Sədr, verilən suallar bu qədərdir. Diqqətinizə görə sağ olun. Əgər əlavə suallar olarsa, yenə cavab verə bilərəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ olun. Bütün millət vəkillərindən bir də xahiş edirəm, iclasın gedişatına maneçilik eləməyin, burada qanqaralığı salmayın. Pənah bəy, mənə məktub vermisiniz. Bu məktub mənə ünvanlanıb, surəti Sizə ünvanlanıb. 3 cümlə oxudum. 3 cümlədə 6 dənə səhv buraxılıb. Kompüterdə yazmağı təzə öyrənir. Bunu əvvəl araşdırarlar, sonra danışarlar. Oxuyanda adamın gülməyi gəlir. Sizin dediyiniz sözlər burada var.
Yoxlanılmamış faktlarla, belə bir məktubla Siz burada çıxış eləyirsiniz. Mən Fazil müəllimdən xahiş elədim, bu məktubu araşdıracağıq. Amma Sizdən xahişim var.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən Siz danışanda sözünüzü kəsmədim ki? Bu məktubu araşdırarıq. Bu məktubda, yenə deyirəm, 2 cümlədə 6 səhv buraxıb. Mən burada şərdən başqa kriminal bir şey görmədim. Sizin iştirakınız ilə göndərib yoxlatdıraq. Baxaq, nə məsələdir? Belə şeyə görə çıxış eləməzlər. Mən irad tutdum. Siz burada vergilər nazirinə oğru deyirsiniz. Almısınız, qaytarın. Belə danışarlar? Elə danışığa belə də cavab verərlər.
Sənin sübutun var ki, rüşvət alıblar? Araşdırmısan? Sabah bir məktub yazsalar ki, Pənah Hüseyn filan yerdə rüşvət alıb, дeməli, biz çıxış eləməliyik ki, Pənah Hüseyn rüşvət alıb? Olmaz, axı. Hər şeyin qaydası var, savadlı adamsınız. Alınan rüşvəti qaytarsın deyirsən. O nə deməkdir? İclasdan sonra araşdırarıq. Olmaz belə.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ay operator, bir də çəkin, sakitləşsin. Adamı hövsələdən çıxarmayın. Bir dəfə deyərlər. Hər dəfə, hər iclasda belə işlər eləməyə başlayırsınız. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Təbii ki, məndən əvvəlki bu qızğın müzakirədən sonra bir az danışmaq çətinləşdi. Hər halda çalışacağam, mənə verilən vaxt ərzində bir neçə məsələyə diqqətinizi cəlb edəm. Əvvəla, onu deyim ki, doğrudan da, bu gün müzakirəyə təqdim olunmuş büdcə layihəsi bütövlükdə Azərbaycanda iqtisadi inkişaf tempinin bir tərəfdən göstəricisidirsə, digər tərəfdən, vergi orqanlarının, ümumiyyətlə, büdcə vəsaitlərinin toplanması ilə məşğul olan dövlət qurumlarının əldə etdiyi uğurlardır. Bütövlükdə nəzərə alsaq ki, biz ilin ortasında, yəni təxminən beş aydan sonra əlavə və dəyişiklikləri müzakirə edirik, bununla bağlı müəyyən fikirləri səsləndirmək olar.
İlk növbədə burada büdcə üzərində şəffaflıqla bağlı söhbət getdi. Həqiqətən, Hesablama Palatasının hesabatının məhz bu gün təqdim olunması bizə imkan vermədi ki, ətraflı şəkildə bu hesabata baxaq. Ümumiyyətlə, büdcə üzərində ictimai nəzarətlə də bağlı burada fikirlər səsləndi. Mən bu fikrə də qoşulmaq istəyirəm. Düşünürəm ki, doğrudan da, bu gün çoxlu sayda, çoxlu miqdarda neft gəlirləri müşahidə etdiyimiz bir vaxtda çox ciddi şəkildə ictimai nəzarətə ehtiyac var. Nəzərə alsaq ki, hazırda maliyyə naziri vəzifəsini daşıyan hörmətli Samir müəllim Şərifov əvvəllər Dövlət Neft Fondunun sədri olub. O çox gözəl bilir ki, qeyri-hökumət təşkilatlarının bu istiqamətdə xeyli təcrübəsi var. Konkret olaraq, neft-mədən sənayesində şəffaflıqla bağlı Azərbaycanın gördüyü işlər bir çox ölkələr üçün də örnək olubdur. Bu barədə Samir müəllimin təcrübəsi, Neft Fondunda əldə etdiyi təcrübə maliyyə sisteminə transfer etsə, biz bir cəmiyyət olaraq, xeyli qazanarıq və bütövlükdə şəffaflıq məsələsi öz müsbət həllini tapa bilər.
Bununla yanaşı, mən digər məsələlərə toxunmaq istəyirəm. Bu, ilk növbədə mənim seçildiyim Əli Bayramlı şəhəri ilə bağlıdır. Siz bugünkü təqdim olunan rəqəmlərə baxsanız, görərsiniz ki, təxminən eyni göstəricilərə malik olan şəhərlər arasında sanki bir disbalans var. Tutalım, Mingəçevirə ayrılan dövlət vəsaiti ilə Əli Bayramlıya ayrılan dövlət vəsaitini müqayisə etdikdə görərik ki, təxminən əhalisi eyni sayda olsa da, infrastrukturda eyni göstəricilərə malik olsa da, Əli Bayramlıya az vəsait ayrılıb. Mən demək istəmirəm, niyə Mingəçevirə çox ayrılır? Hamısı bizim üçün doğmadır. Amma eyni zamanda, düşünürəm ki, burada Əli Bayramlıya ayrılan vəsaitin həcmi çox azdır. Çox hörmətli maliyyə naziri imkan olarsa, gələcəkdə bu məsələyə diqqət ayırsın və bu çatışmazlığı aradan qaldırsın.
Biz bu barədə çox danışmışıq. Amma fürsətdən istifadə edib, indi də demək istəyirəm. Bu da qeyri-hökumət təşkilatları ilə, qeyri-hökumət təşkilatlarının dövlət büdcəsindən maliyyələşməsi ilə bağlıdır. Bəzən burada yanlış fikirlər də səsləndirilir. Belə bir təqdimat olur ki, guya biz qeyri-hökumət təşkilatlarının maliyyələşməsini deyəndə QHT-lərin saxlanmasını nəzərdə tuturuq. Onların aylıq maaşlarını və digər texniki təsisatla bağlı olan xərcləri nəzərdə tuturuq. Əslində, biz dövlət büdcəsindən qeyri-hökumət təşkilatlarının maliyyələşməsi məsələsini deyəndə onu nəzərdə tuturuq ki, bu gün qeyri-hökumət təşkilatları iqtisadi və sosial sahədə çox önəmli layihələr həyata keçirir. Bu layihələrin dəstəklənməsində xarici donorlarla yanaşı, dövlətin də iştirakı çox vacibdir. Dəfələrlə bu barədə məsələ qaldırılıbdır. Təəssüflər olsun ki, hələ də bununla bağlı ortaq məxrəcə gəlinməyib. Ancaq məlumat üçün deməliyəm ki, yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə dövlət proqramı layihəsində bu maddə əks olunubdur. Yəqin ki, bu yaxınlarda Maliyyə Nazirliyinə təqdim olunacaqdır. Maliyyə nazirindən də çox xahiş edərdim ki, bu məsələyə imkan daxilində həssaslıqla yanaşsın.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Büdcənin icrasına müsbət meyilləri, onun sosial xərclərinin artmasını mən müsbət hal kimi qiymətləndirirəm. Ona görə də bu başdan deyirəm ki, büdcənin icrasına mən səs verəcəyəm. Amma bununla bərabər komissiyanın keçirdiyimiz iclasında da müəyyən suallar, məsələlər qoymuşuq. Çox təəssüf ki, bu sualların əksəriyyətinə biz cavab ala bilmədik.
Büdcənin gəlir hissəsi ilə əlaqədar bir neçə məsələyə toxunmaq istəyirəm. Burada qeyd edildi və müəyyən izahatlar verildi. O cümlədən Hesablama Palatasının da rəyində mədən vergisi ilə əlaqədar müəyyən izahatlar verilir. Mədən vergisinin 54 faiz səviyyəsində yerinə yetirilməsi büdcəyə təxminən 250 milyon dollar minus gətirib. Bu nə ilə əlaqədardır? Niyə mədən vergisi yerinə yetirilməyib? Bu suala biz bu günə qədər cavab ala bilmirik. Bunu araşdırmaq və müəyyən etmək lazımdır. Sadələşdirilmiş vergi 89 faiz yerinə yetirilib, 11 faiz yerinə yetirilməyib. Hesablama Palatasının arayışında qeyd edilir ki, hökumət bunu Vergilər Nazirliyinin yaxşı işləməməsi ilə əlaqələndirir. Amma mən qeyd etmək istəyirəm ki, Vergilər Nazirliyi öz hesabatında, - indi Fazil müəllim də qeyd elədi, - təxminən 47 faizə yaxın büdcəyə əlavə gəlir verib. Ona görə də bunu Vergilər Nazirliyi ilə bağlamaq olmaz.
Üçüncü məsələ Milli Bankın mənfəətindən gələn vergidir, daxilolmalardır. Belə çıxır ki, Milli Bank mənfəətlə işləməyib. Ona görə də həmin daxilolmalar büdcəyə keçirilmir. Yaxud bu nə ilə əlaqədardır? Bu məsələyə də biz aydınlıq gətirə bilmədik.
Dördüncü sualı komissiyanın iclasında da qaldırdım. Azərbaycanda bu gün icarəyə verilən torpaqlar, o cümlədən əmlaklar həddən artıq çoxdur. Büdcənin ümumi gəlir hissəsində bunun 2 faiz təşkil etməsi həddən artıq aşağı faizdir, görünür, burada da müəyyən əli-əyriliklərə yol verilir ki, həmin daxilolmalar 2 faiz səviyyəsində göstərilir. Mən xahiş edərdim ki, ümumiyyətlə, bu suallara biz cavab alaq. Büdcənin xərc hissəsi ilə əlaqədar bizim komissiyanın iclasında da məsələ qaldırıldı. Ümumiyyətlə, büdcədən elmə ayrılan vəsait, demək olar ki, çox aşağı səviyyədədir. Yəni elmə 1,4 faiz vəsait ayrılır. Bu da ümumi daxili məhsulun təxminən 0,2 faizini təşkil edir. Əgər biz Azərbaycanda investisiya layihələri həyata keçirmək istəyiriksə, istehsal sahələrini artırmaq istəyiriksə, birinci növbədə elmə ayrılan vəsaitlərə diqqət yetirmək, artırmaq lazımdır.
İkincisi, burada idmana və gənclərə ayrılan vəsait büdcənin cəmi 0,2 faizini təşkil eləyir. Çox aşağıdır. Buna da fikir vermək lazımdır. Bir əsas məsələ burada qeyd olundu. 2002-ci ildə Milli Məclis “Büdcə sistemi haqqında” Qanun qəbul elədi. Həmin Qanuna əsasən rübdə bir dəfə Maliyyə Nazirliyi və Hesablama Palatası bir yerdə Milli Məclisə məlumat verməlidirlər. Mən Sədrdən və sədarətdən xahiş edərdim ki, ümumiyyətlə, rübdə bir dəfə Milli Məclisə Maliyyə Nazirliyi və Hesablama Palatası büdcənin icrası ilə əlaqədar məlumat versinlər. Biz bunu rübün yekunları ilə əlaqədar sonrakı iclaslarımızda müzakirə eləyək.
Ümumiyyətlə, belə götürəndə büdcənin icrası müsbət büdcə kimi, yəni sosialyönlü büdcə kimi qəbul oluna bilər. Amma bu özü də müəyyən suallar doğurur. Ümumilikdə, büdcənin icrasına mən müsbət yanaşıram və deputat yoldaşlarımı səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bizə təqdim olunan sənəd bir sıra istiqamətlərdə Azərbaycanda iqtisadi inkişafı əks etdirir. Danılmaz faktdır ki, bu artımın böyük bir hissəsi neft amili ilə bağlıdır. Lakin biz xüsusən müsbət bir tendensiyanı qiymətləndirməliyik ki, bu artımın böyük bir qismi Azərbaycanda məhz özəl sektorun fəaliyyəti ilə bağlıdır. Büdcəyə daxil olan vəsaitin artımı vergi və gömrük sahəsində 2005-ci ildə köklü dəyişikliklərlə əlaqədardır. Biz bu artımı müşahidə eləyirik. Sadəcə, bir məsələni mən xüsusi diqqətinizə çatdırmaq istəyirəm. Təəssüf ki, humanitar, səhiyyə, təhsil sahəsində köklü, sistemli islahatlar olmadığına görə, məsələn, bu sahələrə hətta xərcləri artırsaq da, onlar gözə dəyməyəcək. Baxırıq ki, xəstəxanaların saxlanması üçün böyük vəsait xərclənir. Amma hazırda xəstəxanalarda olan çarpayılar Azərbaycanın səhiyyəsini köklü surətdə dəyişdirmir. Xərcləri artırsaq da, xərclərin artımı ilə biz hansısa bir xidmət sahəsində köklü dəyişiklik görmürük.
Təəssüf ki, təhsil haqqında qanun layihəsini indiyə qədər biz müzakirə etməmişik. Təhsil sahəsinə də bizim yönəltdiyimiz xərclər ciddi bir nəticə verməyəcək. Çünki burada da prinsipial bir dəyişikliklər olmalıdır. Bəzi hörmətli millət vəkilləri elmə ayrılan xərclərin az olduğunu deyirlər. Amma gəlin, etiraf eləyək, Azərbaycan dövləti fundamental elmə zəruri xərcləri ödəyə bilərmi? Söhbət praqmatik elmin inkişafından gedirsə, bilavasitə alınan elmi nəticə kommersiya sistemi ilə də uyğunlaşmalıdır. Vəsaitin böyük bir hissəsi məhz təhsil istiqamətində inkişafa yönəlməlidir.
Bir məsələni mən qeyd etmək istəyirəm. Prezident çox humanist addım ataraq 20 Yanvar faciəsində vəfat etmiş şəhidlərimizin ailələrinə və milli qəhrəmanların ailələrinə müavinətlər verdi. Bununla bizim hökumət öz işini yekunlaşdırdı. Bizim hamımızın, hər bir azərbaycanlının Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin qarşısında mənəvi borcu var. Mən çox istərdim ki, büdcə artımını məhz bu istiqamətə yönəldək. Burada humanist addım atmaqla yanaşı, Azərbaycanda hər bir əsgərin dövlət tərəfindən dəstəyini təmin eləyə bilərik. Hər bir zabit bilməlidir ki, o, Vətən uğrunda döyüşə gedəndə, onun arxasında Azərbaycan dövləti durur. Çox təəssüf ki, hökumətin bu istiqamətdə təklifləri olmadı. Biz ancaq bu istiqamətdə addımları Prezidentin şəxsən verdiyi sərəncamlarda görürük.
Bir məsələyə də diqqətinizi yönəltmək istərdim. Azərbaycanın büdcəsi artırsa, Azərbaycanın imkanları artırsa, biz Azərbaycan dövlətinin mülkiyyətinin yaradılması barədə də düşünməliyik. Söhbət Azərbaycanın xaricdə olan mülkiyyətindən gedir. Bu gün xaricdə bir sıra ölkələrdə səfirliyimizin binası olmadığına görə icarə xərclərini, demək olar ki, xarici ölkələrin hansısa vətəndaşına və ya qurumlarına veririk. Azərbaycanın diplomatik xidmətdə olan məmurlarının yaşadığı evlər üçün icarə haqları veririk. Biz bunun qarşısını müəyyən qədər ala bilərik, Azərbaycan dövlətinin mülkiyyətinə artıra bilərik. Biz hazırda başqa ölkələrdə açılan səfirliklərimizin binalarının məhz Azərbaycanın mülkiyyətinə çevrilməsi üçün müəyyən xərcləri büdcədə nəzərə almalıyıq. Eyni zamanda, Azərbaycanın diplomatik korpusunun nümayəndələrinin yaşadığı mənzillər də Azərbaycanın mülkiyyətinə çevrilməlidir. Onda bir sıra mövcud xərclərin qarşısını ala bilərik. Mən çox istərdim ki, bizim hökumətimiz bu xərcləri nəzərdə tutsun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hamının növbəsi var. 15 nəfər sizin arxanızda durub. Səsvermədən qabaq bəlkə suallar oldu. Bizim hökumət üzvləri burada əyləşiblər, heç olmasa, cavab vermək imkanları olsun. Suallar vermisiniz. Elman Rüstəmov.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun, cənab Sədr. Vaxt məhdudluğunu nəzərə alaraq bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bu da Hesablama Palatasının rəyində Milli Bankla dövlət büdcəsinin maliyyə münasibətləri məsələsidir. Bir neçə hörmətli millət vəkili həmin məsələni qaldırdı. İqtisadçılar, xüsusi ilə elmlə məşğul olan iqtisadçılar yaxşı bilirlər ki, iqtisadi analiz nə dərəcədə mürəkkəb bir məsələdir. Hər bir sözü, hər bir rəqəmi neçə cür yazmaq və şərh eləmək mümkündür. Hesablama Palatası bizim demokratik, eyni tipli dövlətin ən vacib təsisatlarından biridir. Əgər müəyyən bir sorğu olsaydı, biz məsələyə aydınlıq gətirə bilərdik və rəydə bu məsələ məhz belə bir şərhlə getməzdi.
2005-ci ildə Milli Bank öz fəaliyyətini 193 milyard manat gəlirlə başa vurubdur. Bizim 118 milyard manat xərcimiz və 75 milyard manat mənfəətimiz olub. Təsdiq olunmuş dövlət büdcəsində Milli Bankın mənfəətindən 30 milyard manatın dövlət büdcəsinə ayrılması nəzərdə tutulmuşdur. Lakin gəlin, xatırlayaq ki, makroiqtisadi baxımdan 2005-ci il necə bir il idi. Neft istehsal edən dövlətlərdə olduğu kimi, Azərbaycanda da milli valyutanın möhkəmlənməsi baş verdi. Bu proses Azərbaycanda 6,3 faiz səviyyəsində baş verdi. Nəticədə görünməmiş bir hadisə baş verdi. Milli Bank 259 milyard manat həcmində mühasibat itkisinə məruz qaldı. Yəni beynəlxalq mühasibat uçotu sisteminə keçmiş hər bir təşkilat bunu yaxşı bilir ki, əgər o, valyuta daşıyıcısıdırsa, onun valyuta aktivləri varsa, hökmən belə bir şəraitdə həmin itkilərə məruz qalmalıdır. Belə bir itkiyə Azərbaycanın Neft Fondu da məruz qalıb. Səhv eləmirəmsə, dövlət büdcəsində müəyyən bir itki əmələ gəlibdir. Müəyyən bir müddət onlar valyuta gəlirlərini konvertasiya eləmədiklərinə görə itkilərə məruz qalıblar. Əgər böyük şirkətlərin, bankların valyuta aktivləri varsa, onlarda da həmin proses baş verir. Nəticədə biz 259 milyard manat itkiyə məruz qalmışıq. Bunun nəticəsində 75 milyard manatlıq mənfəət əvəzinə fəaliyyətimizi, bu günlərdə beynəlxalq auditin təsdiq elədiyi kimi, 184 milyard manat həcmində zərərlə başa vurmuşuq.
Belə olan şəraitdə “Milli Bank haqqında” Qanunla Milli Bank dövlət büdcəsinə heç nə ödəməli deyil. Lakin biz 10 milyard, yəni 9,9 milyard manat həcmində vəsait ödəmişik. Bu nədir? 1993-1995-ci illər ərzində Azərbaycan dövləti beynəlxalq təşkilatlardan, o cümlədən Beynəlxalq Valyuta Fondundan böyük həcmdə kreditlər götürmüşdü. Bu, 540 milyon Amerika Birləşmiş Ştatları dolları həcmində idi. Əvvəlcədən hökumətlə razılığa görə bu vəsaitə xidmət Azərbaycan Milli Bankı tərəfindən həyata keçirilir. Mən məruzə edirəm ki, keçən dövr ərzində 540 milyon dollardan Azərbaycan Milli Bankı öz vəsaitləri hesabına 390 milyon dolları artıq qaytarıbdır. Bu vəsaitin qalığı 150 milyon dollardır. Milli Bank bu il də bunları ödəməyə başlayıbdır və tez bir zamanda bunu tam şəkildə ödəyəcək.
Burada kiçik faiz xərcləri də var. Hökumətlə bizim razılığımıza görə faiz xərclərini də Milli Bank ödəyir. Yəni dövlət büdcəsində bu xərclər nəzərə alınmadığından 10 milyard manat həcmində faiz xərclərini də biz ödəyirik. Bunu isə öz mənfəətimizdən yox, kapitalımızdan ödəyirik. Bir növ büdcəyə kömək eləmişik. Yəni vəziyyət belədir. Milli Bank öz fəaliyyətini zərərlə başa vurmasına baxmayaraq, biz o vəsaitləri ödəmişik. Bu gün təqdim olunmuş hesabatda həmin rəqəmlər öz əksini tapıbdır.
Mən bir daha millət vəkillərinə 2005-ci ilin sosial-iqtisadi proqramının həyata keçirilməsində hökumətin əldə etdiyi müvəffəqiyyətlərə, - təbii ki, bu müvəffəqiyyətlərin başında möhtərəm Prezidentimizin apardığı siyasət dayanır, - verdikləri obyektiv qiymətə görə təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Samir müəllim, Maliyyə Nazirliyindən Siz danışacaqsınız?
S. Şərifov. Çox sağ olun, cənab Sədr. İlk növbədə 2005-ci il dövlət büdcəsinin icrası ilə bağlı Milli Məclisin plenar iclasında müzakirələrdə iştirak etmiş millət vəkillərinə minnətdarlığımı bildirmək istərdim. İfadə olunan şərhə və dəyərli fikirlərə görə də millət vəkillərinə təşəkkürümü bildirirəm. Sözsüz ki, Maliyyə Nazirliyi və hökumətin digər iqtisadi orqanları öz fəaliyyətlərində bu təklifləri və şərhləri nəzərə alacaqlar.
Eyni zamanda, Hesablama Palatası tərəfindən 2005-ci il dövlət büdcəsinin icrasına dair Milli Məclisə təqdim edilmiş rəylə bağlı bəzi fikirlərimi bildirmək istərdim. İlk növbədə, biz bu rəydə ifadə olunan qiymətlərlə razı deyilik. Onu da qeyd etmək istərdim ki, Hesablama Palatası və hökumətin iqtisadi orqanları arasında müəyyən sual doğuran məsələlər üzrə fikir mübadiləsi keçirilməlidir. Bunun nəticəsində bəzi qiymətlərdə müəyyən düzəlişlər edilə bilər. İlk növbədə bunu Milli Bankın İdarə Heyətinin sədri cənab Rüstəmov qeyd etdi. Yəni mübadilə məzənnəsi məsələsinə toxunduq. Yəni iqtisadi nəzəriyyədə məzənnə fərqi adlanan gəlir və yaxud itki yaradan bir məfhum mövcuddur.
Siz bilirsiniz ki, Azərbaycanda da başqa neftlə zəngin ölkələrdəki kimi milli valyutanın məzənnəsi möhkəmlənir. Bunun nəticəsində valyutada aktivləri olan hökumət orqanları, müəssisələri və kommersiya qurumları müəyyən məzənnə fərqindən irəli gələn mühasibat itkilərinə məruz qalır. Burada, Hesablama Palatasının rəyində 2005-ci ilin dövlət büdcəsində Dövlət Neft Fondundan 325 milyard manat məbləğində transfer edilməsi nəzərdə tutulduğu halda, faktiki olaraq, 316,5 milyard manat transfer edilməsi qeyd edilir və nəticədə 8,5 milyard manat məbləğində fərqin yaranması göstərilir. Bu fərqin yaranmasında da səbəb eynidir. Yəni bu vəsaitlər, əsasən, neftdən, yəni neft sektorundan əldə edilən vergilərlə bağlı vəsaitlərdir. Bunlar xəzinədarlıqda valyuta ifadəsində toplanılır. 2005-ci ildə dövlət büdcəsinə dəyişikliklər edilən zaman qərar qəbul edilmişdir və qərar qəbul edilən dövr ərzində həmin 8,5 milyard manat məbləğində itki əmələ gəlmişdir. Valyuta ifadəsində eyni məbləğ köçürülmüşdür, lakin manat ifadəsində bu, 8,5 milyard manat az olmuşdur.
Oxşar problemlə biz Vergilər Nazirliyi ilə əsasən xarici neft şirkətlərindən hasilatın pay bölgüsü sazişləri çərçivəsində vergi ödəmələrində də üzləşirik. Söhbət burada həm Hesablama Palatasının rəyində, həm də bəzi hörmətli millət vəkilləri tərəfindən qeyd olunduğu kimi, Vergilər Nazirliyinin və Maliyyə Nazirliyinin məlumatları arasında olan fərqdən gedir. Əslində, bu fərq də həmin problemlə bağlıdır. Bu, məzənnə fərqidir. Çünki hasilatın pay bölgüsü haqqında sazişlərə uyğun olaraq, siz bilirsiniz ki, bu sazişlər Milli Məclis tərəfindən təsdiq olunub. Bu sazişlər Azərbaycanda qanuni qüvvəyə malikdir və bunların xüsusi statusu var. Bu statusu gözləməklə xarici şirkətlərdən, əsasən, gəlir vergisi, yəni fiziki şəxslərdən gəlir vergisi tutulur.
Artıq keçən ildən başlayaraq xarici neft şirkətləri mənfəət vergisini ödəməyə başlamışlar. Bu ödənişlər Vergilər Nazirliyinə valyuta ilə daxil olur və konventə edilib büdcəyə köçürülərkən burada müəyyən məzənnə fərqləri əmələ gəlir. 2005-ci ilin büdcəsinin icrası zamanı 16,7 milyard manat məbləğində belə məzənnə fərqindən itki əmələ gəlmişdir.
Eyni zamanda, Hesablama Palatasının rəyində büdcənin strukturunun təkmilləşməsi, xərc maddələrinin eyni səviyyədə həyata keçirilməsi, təhsil sahəsinə aid olan xərclər üzrə normativ hüquqi bazanın möhkəmləndirilməsi üzrə təkliflər irəli sürülmüşdür. Hesab edirəm ki, bu təkliflər dəyərli təkliflərdir və bunların üzərində Maliyyə Nazirliyi hökumətin digər qurumları ilə birlikdə işləyəcək və nəzərə alacaqdır. Dövlət maliyyə nəzarəti haqqında qanun layihəsi də bizə bu işdə yardımçı olacaqdır. Bu qanun layihəsi üzərində iş gedir. Zənnimcə, yaxın zamanlarda hökumət bəyəndikdən sonra qanun layihəsi Milli Məclisə təqdim olunacaqdır.
Rəydə Büdcə Məcəlləsi ilə bağlı bəzi fikirlər səslənildi. Bunlar da əsaslı fikirlərdir. Lakin bu çox mühüm, çox vacib bir sənəddir. Burada tələsikliyə yol vermək lazım deyil. Hazırda bu qanun layihəsinin konseptual əsaslarının hazırlanması üzrə işə başlanılıbdır.
Mən Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri cənab Ziyad Səmədzadəyə dövlət büdcəsinin icrası ilə bağlı verdiyi qiymətə, irəli sürdüyü təkliflərə və şərtlərə görə minnətdarlığımı bildirmək istərdim. Burada ayrı-ayrı sahələr üzrə mənfəət və rentabellik məsələlərinə toxunuldu. Təklif olundu ki, bu məsələlər ciddi təhlil olunsun. Hesab edirəm ki, bu, tamamilə düzgün yanaşmadır. Artıq iqtisadiyyatın vacib sektorlarında, o cümlədən xüsusi rentabelliyə malik olan neft sektorunda biz bunu müşahidə edirik. Siz bilirsiniz ki, 2006-cı il üçün dövlət büdcəsi qəbul edilərkən neftin qiymətinin
40 ABŞ dolları yuxarı olduğu təqdirdə Dövlət Neft Fonduna əlavə gəlirlərin köçürülməsi barədə qərar qəbul edilmişdir. Bu yanaşmanın əyani sübutudur. Digər sahələrə də bu kimi yanaşma şamil edilə bilər. Amma bunun üçün əlavə təhlil aparmalıyıq.
Bəzi deputatlar 2005-ci ilin büdcəsinin icrası ilə bağlı, eyni zamanda, 2007-ci il üçün hazırlanan büdcə layihəsi ilə bağlı öz təkliflərini irəli sürmüşdülər. Biz bu təklifləri nəzərə alıb büdcə layihəsi hazırlanarkən onlardan istifadə edəcəyik. Burada bir neçə millət vəkili tərəfindən büdcənin icrası məsələsinə toxunuldu. Mən aşağıdakı statistik materialları nəzərinizə çatdırmaq istərdim.
Hörmətli deputat Xanhüseyn Kazımlı çıxışında qeyd etdi ki, biz hər bir məsələyə müqayisəli baxmalıyıq. Müqayisə bizim üçün faydalı olardı. 2001-2005-ci illər üzrə dövlət büdcəsinin icrası barədə statistik məlumatlar bizə aşağıdakıları deyir: 2001-ci ildə gəlirlər üzrə dövlət büdcəsi 94 faiz, xərclər üzrə 87,9 faiz icra olunmuşdur. 2002-ci ildə gəlirlər üzrə 95,2 faiz, xərclər üzrə 90,8 faiz icra olunmuşdur. 2003-cü ildə gəlirlər üzrə 100,2 faiz, xərclər üzrə isə 96,1 faiz icra olunmuşdur. 2004-cü ildə 100,4 faiz və xərclər üzrə 95,9 faiz icra olunmuşdur. Nəhayət, 2005-ci ildə gəlirlər üzrə 100,5 faiz, xərclər üzrə 97,2 faiz icra olunmuşdur. Burada artım dinamikası müşahidə olunur. Sözsüz, Maliyyə Nazirliyi çalışacaq ki, növbəti büdcələrin icrasında bu dinamika gözlənilsin və daha da yaxşılaşdırılsın.
Deputat Zahid Orucov tərəfindən suvarma və irriqasiya sistemləri ilə bağlı bir neçə məsələyə toxunuldu. O cümlədən qeyd olundu ki, su və artezian quyularının bəzilərinin balansa götürülməsi məsələsi həll olunmur. 2006-cı ilin mart ayında Nazirlər Kabineti tərəfindən müvafiq sərəncam qəbul edilmişdir və artıq bu quyular Meliorasiya Açıq Səhmdar Cəmiyyətinin balansına götürülmüşdür. Bu quyuların istismar xərclərinin maliyyələşdirilməsi üçün hazırda səhmdar cəmiyyəti ilə müzakirələr aparırıq. Sözsüz ki, bu məsələlər öz həllini tapacaqdır.
Millət vəkili Əli Məsimli büdcənin icrasına müsbət qiymət verməklə yanaşı, Hesablama Palatasının rəyinə əsaslanaraq, xərclərin kəsirlə icra edilməsinin nəticələri barədə məlumat almaq istədi. Bunların kəsirlə icra edilməsinə, borc yaradılması məsələsinə də toxunmuşdur. Tam əminliklə qeyd edə bilərəm ki, belə bir təhlükə yoxdur. Kəsirlə icra olunmuş xərc maddələri hər hansı bir büdcə təşkilatı, yaxud büdcədən maliyyələşən digər qurumlar tərəfindən hər hansı borc öhdəliklərinin yaradılmasına gətirib çıxarmır. Mən tam razıyam ki, deputat Əli Məsimlinin qeyd etdiyi kimi, büdcənin gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisinin artırılması üzrə işlər görülməlidir. Burada 30 faiz rəqəm səsləndirildi. Biz buna çalışmalıyıq və çalışacağıq.
Maliyyə Nazirliyinin saytı ilə bağlı da bəzi fikirlər səslənildi. Bu işə də xüsusi önəm veriləcəkdir. Neft amili ilə bağlı bir neçə məsələni deputatlar səsləndirdilər. Hesab edirik ki, neft amili ilə bağlı hazırda, əsasən, Dövlət Neft Şirkətinin gəlirləri nəzərdə tutulur. Bu da təbiidir. Çünki bildiyiniz kimi, 1999-cu ildə ulu öndərimiz Heydər Əliyev tərəfindən Dövlət Neft Fondunun yaradılması barədə qərar qəbul edilmişdir. Bununla da xarici neft şirkətləri ilə əməkdaşlıq çərçivəsində əldə edilən gəlirlərin bütövlükdə Dövlət Neft Fonduna transfer edilməsi nəzərdə tutulmuşdur. Bəzi vergilər, o cümlədən gəlir vergisi, keçən ildən başlayaraq konsorsiumlarda işləyən fiziki şəxslərin mənfəət vergisi bizim tərəfimizdən nəzərə alınır. Bir neçə başqa məsələlərə də toxunuldu.
Deputat Xanhüseyn Kazımlı əmlak vergisindən daxilolmaların az olması məsələsinə toxunmuşdur. Biz bu məsələyə baxacağıq. Hazırda bəzi təkliflərə Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsində baxılır. Yəni bu məsələlərə baxılacaq və çox güman ki, 2007-ci il üçün büdcə layihəsi hazırlanarkən biz müəyyən təklifləri edəcəyik.
Deputat İltizam Əkbərli bir neçə məsələyə, o cümlədən şəhid ailələrinə yardımın göstərilməsi və müavinətlərin verilməsi məsələsinə toxundu. Məsələ tamamilə düzgün qoyulur. Eyni zamanda, qeyd etmək istərdim ki, Azərbaycan Respublikasının “Ünvanlı sosial yardım haqqında” Qanunun tətbiqinə 2006-cı ildə başlanacaqdır. Bu Qanunun tətbiqi ilə bağlı məsələlərin həll edilməsi üçün müvafiq şərait yaradılacaqdır.
Deputat Qüdrət Həsənquliyev bir neçə məsələyə, o cümlədən vergi məsələlərinə toxundu. Hörmətli vergilər naziri öz çıxışında bu məsələlərə cavab verdi. Neft kontraktları üzrə müəyyən xarici şirkətlərə dair vergi güzəştlərinin götürülməsi məsələsinə də toxunuldu. Bu kontraktların əksəriyyəti Azərbaycanda qanuni qüvvəyə malikdir və bunlara hər hansı dəyişikliklərin edilməsinə, yəqin ki, təhlil edildikdən sonra baxılmalıdır. Bu məsələlərin qoyuluşu məntiqlidir.
Deputat Eldar İbrahimov öz çıxışında Aqrolizinq Şirkətinin fəaliyyəti ilə bağlı Maliyyə Nazirliyindən 100 milyard manatın ayrılmasına toxunmuşdur. Bu vəsaitin əksər hissəsi Aqrolizinq Şirkəti tərəfindən tədbirlərin görülməsinə, yəni aqrar texnikanın fermerlərə verilməsinə yönəldilib. Bu məsələ ilə bağlı Maliyyə Nazirliyi tərəfindən nəzarət gücləndiriləcək. Amma onu da qeyd etmək istərdim ki, bu, dövlətə məxsus bir səhmdar cəmiyyətidir və digər iqtisadi qurumlarla birlikdə biz bu məsələyə bir daha baxacağıq.
Deputat İltizam Əkbərlinin çıxışında kənd məktəblərinin vəziyyətinə toxunuldu. Bu məktəblərdə avadanlıqların çatışmazlığı, müəllimlərin əmək haqlarının artırılması məsələsi qeyd olundu. Cari ilin büdcəsində kənd məktəblərinin əsaslı təmiri və inventarın alınması üçün 21 milyon manat vəsait ayrılıb. Təhsil Nazirliyi tərəfindən hökumətlə birlikdə 4 illik proqram qəbul edirik və 4 il ərzində bütün Azərbaycan məktəblərində inventarın və avadanlığın dəyişilməsi, tam yeniləşməsi nəzərdə tutulubdur.
Deputat Qənirə Paşayeva tərəfindən ali və orta təhsil müəssisələrində müəllim heyəti üzrə normativlərin olmaması məsələsinə toxunulmuşdur. Məsələ tamamilə düzgün qoyulur və biz bu istiqamətdə işlərimizi gücləndirməliyik. Eyni zamanda, layihə-smeta sənədləri olmayan obyektlərə vəsaitin ayrılması məsələsi də qaldırılmışdır. Biz bu məsələ üzrə işlərimizi gücləndiririk. Tam əminliklə qeyd etmək istəyirəm ki, layihə-smeta sənədləri qəbul edilmədikdə hər hansı büdcə təşkilatına və yaxud büdcədən maliyyələşən, büdcədən subsidiya alan səhmdar cəmiyyətlərinə vəsait ayrılmayacaq, yəni vəsaitin istifadəsinə nəzarət gücləndiriləcəkdir.
Deputat Azay Quliyev tərəfindən bir neçə məsələ qeyd olundu. Deputat Quliyevə dediyi sözlərə görə öz minnətdarlığımı bildirmək istəyirəm. Hesab edirəm ki, biz QHT-lərin büdcə şəffaflığının təmin edilməsi məsələsinə baxa bilərik. Burada Əli Bayramlı ilə Mingəçevirdə müəyyən uyğunsuzluğun mövcudluğundan söz açılmışdır, əsasən, mən onu demək istərdim ki, biz yalnız rəqəmlərə yox, eyni zamanda, xərclərin strukturuna baxmalıyıq. Yəni bu nə ilə bağlıdır, bunun əsası nədir? Məlumat üçün sizə bir neçə rəqəm vermək istərdim. Əli Bayramlıda məktəblərdə siniflərin sayı 634 olduğu halda Mingəçevirdə 755-dir. Şagirdlərin sayı 14 min 212 olduğu halda Mingəçevirdə 17 min 422-dir, yəni 3 mindən artıqdır. Müəllimlərin sayı Əli Bayramlıda 1799 olduğu halda Mingəçevirdə 2216-dır, təxminən 400 nəfər artıqdır. Səhiyyədə də bu özünü büruzə verir. Xəstəxanalarda çarpayıların sayı Əli Bayramlıda 665-dirsə, Mingəçevirdə 1200-dür, təxminən 2 dəfə artıqdır. Nəticədə belə fərqlər mövcuddur. Biz bu məsələyə də baxacağıq və hesab edirəm ki, bu tarazlıq təmin edilməlidir.
Deputat Vahid Əhmədov öz çıxışında elmə ayrılan xərclərin az olması məsələsinə toxundu. Yenə də qeyd etmək istəyirəm ki, dinamikaya baxsaq, ildən-ilə elmə ayrılan xərclərin artımını müşahidə edə bilərik. Amma biz onunla da razıyıq ki, burada deputat Asim Mollazadənin qeyd etdiyi kimi, elm, təhsil sahəsində struktur islahatları keçirilmədən vəsaitin artırılması istənilən səmərəni verməyəcəkdir. Struktur islahatlarının müəyyən edilməsi və həyata keçirilməsi üçün işlər görülməlidir. Əsasən, bu məsələlər qaldırılmışdı.
Deputat Asim Mollazadə Azərbaycanın xaricdəki səfirliklərinə və diplomatlara yaşayış binalarının, mənzillərin alınması məsələsinə toxundu. Mən bu məsələnin qoyuluşu ilə tam razıyam. Onu da qeyd etmək istərdim ki, ölkə rəhbərliyi tərəfindən bu istiqamətdə konkret tapşırıqlar verilib və bu istiqamətdə işlər gedir. Sizə məlum olduğu kimi, Azərbaycan artıq dünyanın əsas paytaxtlarında, inkişaf etmiş ölkələrin paytaxtlarında səfirliklər üçün binalar alıb və bu proses gedir. Bu il də bəzi səfirliklərə binaların alınması məsələsinə baxılacaqdır. Yaşayış binalarının, mənzillərin alınmasına gəldikdə isə, hesab edirəm ki, bu məsələyə biz baxmalıyıq. Prinsipcə bu yanaşma ilə biz razıyıq.
Mən çalışdım ki, deputatlar tərəfindən səsləndirilən şərtlərə, təkliflərə, iradlara öz münasibətimi bildirim. Mənim qənaətimə görə deputatlar 2005-ci ilin büdcəsinin icrası barədə hökumətin təklif etdiyi hesabatı məqbul hesab edirlər. Burada səsləndirilən fikirlərdən mən belə başa düşdüm. Bunu nəzərə alaraq, mən bir daha hörmətli millət vəkillərini 2005-ci ilin büdcəsinin icrası ilə bağlı Milli Məclisə təqdim edilmiş qanun layihəsini qəbul etməyə çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Samir müəllim. Həqiqətən, Siz bütün millət vəkillərinin çıxışlarına diqqətlə yanaşdınız, ətraflı cavab verdiniz. Çox sağ olun. Təklif var ki, səsə qoyaq. Əgər etiraz yoxdursa, səs verin.

Səsvermənin nəticələri (saat 17.25 dəq.)
Lehinə 93
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 101
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Keçirik gündəliyin növbəti məsələsinə. Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş). Sosial siyasət daimi komissiyasının üzvü Məlahət Həsənova.
M. Həsənova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Onkoloji yardım haqqında Azərbaycan Respublikası qanununun layihəsi aprelin 12-də Milli Məclisin iclasında ikinci oxunuşda qəbul edildi. Müzakirələrdə çıxış edən bütün millət vəkillərinə komissiyamız adından öz dərin minnətdarlığımızı bildirərək söyləmək istəyirəm. Millət vəkillərindən hörmətli İlham Məmmədov, İltizam Əkbərli, Miri Qənbərov, Qüdrət Həsənquliyev, Vasif Əliyev, Elmira Axundova qanun layihəsi barədə, ümumən, müsbət rəy bildirməklə, bir sıra təkliflər irəli sürmüşdülər. Səslənən təkliflər əsasında qanun layihəsində müəyyən düzəlişlər aparılmışdır.
İkinci oxunuşda qanun layihəsinin qəbul olunmasına baxmayaraq, komissiya və ekspertlər arasında təkrar müzakirədən keçmiş, baxılmış və təklif olunan hər bir obyektiv təklif qanun layihəsində öz əksini tapmışdır. Mən bunlardan bəzilərini sizin nəzərinizə çatdırmaq istərdim.
Hörmətli İltizam Əkbərlinin təklifinə əsasən qanun layihəsinə 5.0.7-ci və eləcə də 8.0.7-ci maddələr, 16-cı maddəyə isə qanunu pozan şəxslərin mülki, inzibati və cinayət məsuliyyəti daşımaları fikri əlavə edilmişdir. Millət vəkili Qüdrət Həsənquliyevin təklifinə əsasən 7.0.5-ci maddəyə “onların qaldırılması üçün müvafiq tədbirlərin görülməsi” sözləri əlavə edilmişdir. Hörmətli Elmira Axundovanın təklifini nəzərə alaraq 5.1.9-cu maddə layihədən çıxarılmışdır.
Ümumiyyətlə, hörmətli millət vəkilləri, qanun layihəsində həm üslubi, həm də qrammatik nöqteyi-nəzərdən bir neçə dəyişiklik və düzəliş olunmuşdur. Bu gün üçüncü oxunuşda qanun layihəsi sizin müzakirənizə verilir. Mən sizin hər birinizdən qanun layihəsinə üçüncü oxunuşda səs verməyinizi xahiş edirəm. Sualınız olarsa, təkrar cavab verərəm. Çox sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
 birinci  müavini  Z. Əsgərov  sədrlik edir

Sədrlik edən. Çox sağ olun, Məlahət xanım. Təklif var ki, səsə qoyulsun. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.29 dəq.)
Lehinə 88
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

 Sağ olun, qəbul edildi.
Növbəti məsələ. “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlığa dair Saziş”in təsdiq edilməsi haqqında. Komissiyanın sədri Əli Hüseynov.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli Ziyafət müəllim. Artıq Siz qeyd etdiyiniz kimi, bu saziş 2005-ci il noyabrın 25-də Moskva şəhərində imzalanmışdır. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının alverinə, bunun mütəşəkkil formada inkişafının miqyasından narahatçılıq keçirərək belə bir sazişi imzalamağı qərara almışlar. Sazişin məqsədləri konkret göstərilib. Məqsəd birgə kompleks tədbirlərin qəbul edilməsi və razılaşdırılmış strategiyanın həyata keçirilməsindən, ictimai təşkilatların və dövlət orqanlarının səylərini birləşdirməkdən ibarətdir. Hesab edirəm ki, bu vacib məqsədə Azərbaycanın da qoşulması labüddür. Əməkdaşlığın əsas istiqamətləri, formaları, yardım göstərmək üçün sorğular, məxfilik sazişdə konkret olaraq öz əksini tapıb.
Azərbaycan tərəfi bu sazişə qeyd-şərtlə qoşulur. Qeyd-şərtin mahiyyəti qanunvericiliyin uyğunlaşdırılması və razılaşdırılmış tədbirlərin həyata keçirilməsini nəzərdə tutan müddəaların istisnasından ibarətdir. Bu da təbiidir. Çünki bizim milli qanunvericiliyimiz bu məsələlərdən kənarda qalmayıb. Məlumat üçün deyə bilərəm ki, Cinayət Məcəlləsinin 137-ci maddəsi insan orqanları və toxumalarının satqısı ilə bağlı məsuliyyəti nəzərdə tutur. Bu yaxınlarda biz Cinayət Məcəlləsinə “İnsan alveri ilə bağlı” 144-1-ci maddəni əlavə etdik. Burada da kifayət qədər ciddi sanksiyalar, 12 ilə qədər azadlıqdan məhrum etmək cəzası nəzərdə tutulur. Yəni demək istəyirəm ki, bu qeyd-şərtin mahiyyəti çox dəqiqdir. Çünki bizim milli qanunvericilikdə insan alveri ilə mübarizə öz əksini tapıb. Hesab edirəm ki, bu sazişə qoşulmaq vacibdir. Çünki ölkələr arasında beynəlxalq əməkdaşlıq, təcrübə mübadiləsi olmadan bu cür mütəşəkkil cinayətlərə qarşı mübarizə aparmaq çox çətindir. Odur ki, bu sazişi Parlamentin ratifikasiya etməsi çox məqbul olardı.
Sədrlik edən. Sağ olun, Əli müəllim. Bu qanun layihəsinə, daha doğrusu, bu sazişə, eyni zamanda, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da baxılıb. Səməd müəllim, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Əli müəllim qeyd elədi, bu bizim üçün çox vacib və əhəmiyyətli sazişdir. Azərbaycan bir neçə belə sazişə qoşulmaqla, öz qanunvericiliyində də bu məsələlərə xüsusi diqqət yetirmişdir. Əli müəllim burada qeyd elədi. Sazişin 10-cu maddəsində Siz görürsünüz ki, Azərbaycanın maraqlarına, yaxud insan haqlarına hansısa bir problem yaransa, həmin məlumatların verilməsi məsələsi müzakirə oluna bilər. Bənd-bənd bu sazişə baxaraq, hesab edirik ki, bu sazişə qoşulmaq Azərbaycanın milli maraqlarına uyğun olardı. Ümumiyyətlə, belə problemləri həll etmək üçün, mübarizə aparmaq üçün birgə səylər çox vacibdir, əhəmiyyətlidir. Ona görə də komissiya bunun lehinə səs verməyi sizdən xahiş edir.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Müzakirələrə başlayırıq. Jalə xanım Əliyeva.
J. Əliyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Müzakirəmizə təqdim olunan bu saziş layihəsi çox mühüm bir problemlə bağlıdır. Bu problemlə əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi 2003-cü il 13 may tarixində Transmilli mütəşəkkil cinayətkarlığa qarşı Birləşmiş Millətlər Təşkilatının Konvensiyasını tamamlayan insan, xüsusən də qadın və uşaq ticarətinin qarşısının alınması, aradan qaldırılması və ona görə cəzalandırma haqqında protokolu ratifikasiya etmişdir. Həmin protokol təsdiq edildikdən sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə insan alveri və məcburi əməklə bağlı cinayət məsuliyyətini müəyyən edən 144-1 və 144-2-ci maddələr əlavə edilmişdir. Həmin maddələrdə insan alverinə, insan orqanlarından və toxumalarından istifadə etmək məqsədi ilə insan alverinə, eyni zamanda, məcburi əməyə görə cinayət məsuliyyəti müəyyən edilmişdir.
Bu gün müzakirə etdiyimiz saziş layihəsi də həmin problemlərin ciddiliyindən, eyni zamanda, xüsusi narahatlıq doğurduğundan xəbər verir. Təqdim olunan saziş layihəsi insan alverinə, insan orqanlarının və toxumalarının ticarətinə qarşı Müstəqil Dövlətlər Birliyi ölkələri arasında beynəlxalq əməkdaşlığın daha da genişləndirilməsinə və inkişafına xidmət edən sənəd kimi nəzərdən keçirilməlidir. MDB dövlətləri arasında inteqrasiya proseslərinin genişlənməsi cinayətkarlığa, o cümlədən insan alverinə qarşı mübarizədə həmin dövlətlərin səylərinin birləşdirilməsini tələb edir. Əlbəttə, birgə mübarizənin hüquqi bazasının yaradılmasına yönəldilmiş bu tipli sənədin qəbul edilməsi zəruri və labüddür. Təəssüf ki, müzakirəmizə təqdim edilən bəzi sənədlərin mətni, xüsusən xarici dildən bizim dilimizə tərcümə olunmuş mətnlər heç də həmişə qənaətbəxş səviyyədə olmur. Mən diqqətinizi bu məsələyə yönəltmək istəyirəm.
Hörmətli həmkarlarım, mən sizin diqqətinizi yalnız bu sazişin deyil, ümumiyyətlə, Milli Məclisin müzakirəsinə və ratifikasiyasına təqdim olunan beynəlxalq sənədlərin mətnlərinin dilinə və ifadə tərzinə cəlb etmək istəyirəm. Bu konvensiyaları Azərbaycan dilinə kim tərcümə edir? Tərcümə edilən mətnlər rəsmi xarakter daşıyırmı? Rəsmi tərcümədirmi? Bunun dəqiqliyi üçün kim cavabdehdir? Əlbəttə, bunlar çox ciddi yanaşma tələb edən məsələlərdir. Ən azı ona görə ki, Milli Məclisin müzakirəsinə təqdim olunan beynəlxalq sənədin orijinaldan Azərbaycan dilinə tərcümə olunan variantı sonra rəsmi xarakter daşımağa başlayır. Milli Məclis onu təsdiq etdikdən sonra həmin sənədin ölkəmizdə tətbiqinə hüquqi əsas, hüquqi qüvvə vermiş oluruq. Bu baxımdan sənədlərin Azərbaycan dilinə tərcümə olunmuş mətnləri, birinci növbədə, hesab edirəm ki, Azərbaycan dilinin qrammatika qaydalarına tam cavab verməli, dili anlaşılan olmalı, səlis, dəqiq şəkildə yazılmalıdır. Bu gün də müzakirə etdiyimiz saziş layihəsinin mətni həmin problemlərdən xali deyil.
Sazişdə istifadə olunan bəzi terminlər, məsələn, konkret olaraq 1-ci maddədə yer alan “insan orqanı”, “toxuma”, “insan alveri”, “orqanda toxuma” kimi terminlərin anlayışları, demək olar ki, çox çətin başa düşülür, onları başa düşmək qeyri-mümkündür. Eyni zamanda, həmin sazişin 15-ci maddəsi, 16-cı maddəsinin birinci hissəsi o qədər də qənaətbəxş deyil. Mən vaxtınızı çox almaq istəmirəm, hər birinizin qarşısında bu saziş layihəsi var. Mən hesab edirəm ki, deputat həmkarlarım özləri artıq bu qüsurlarla tanış olublar. Məqsədim ondan ibarətdir ki, gələcəkdə bu kimi beynəlxalq sənədlərin tərcüməsinə məsul olan qurumların, orqanların bu işə peşəkarcasına yanaşması təmin edilsin, bu sahədə ciddi tədbir görülsün. Çünki bizim hər birimiz qəbul etdiyimiz qanunların və sənədlərin məzmununa, ifadə tərzinə görə məsuliyyət daşıyırıq. Eyni zamanda, bütün bunlar bizim fəaliyyətimizin keyfiyyət göstəricisi kimi də nəzərdən keçirilməlidir. Bunlarla yanaşı, bu gün müzakirə olunan sazişin fəlsəfəsi, nizama saldığı məsələlərin əhəmiyyəti təqdirəlayiqdir.
Sədrlik edən. Sağ olun, Jalə xanım. Doğrudan da, beynəlxalq müqavilələrin və sazişlərin istər ingilis dilindən, istərsə də rus dilindən olsun, tərcüməsi məsələsində problemlər var. Bununla əlaqədar biz Xarici İşlər Nazirliyi ilə iş aparırıq. Güman edirəm ki, yaxın vaxtlarda bu, öz nəticəsini göstərəcək. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bizim komissiyanın üzvləri üçün təkrar olacaq deyə, onlardan üzr istəyirəm. Çünki komissiyanın iclasında da çıxış eləmişdim. İndi də bu saziş layihəsi ilə bağlı fikirlərimi bildirmək istəyirəm.
Sazişin preambulasında qeyd olunur ki, biz Birləşmiş Millətlər Təşkilatının Transmilli mütəşəkkil cinayətkarlığa qarşı 2000-ci il 15 noyabr tarixli Konvensiyasının və onun insan, xüsusən də qadın, uşaq alverinin qarşısının alınması və tamamilə aradan qaldırılması və buna görə cəzalandırılma barədə 2000-ci il 15 noyabr tarixli Protokolunun və mühacirlərin quru, dəniz və hava yolu vasitəsi ilə gətirilməsinə qarşı mübarizəyə dair 2000-ci il 15 noyabr tarixli tamamlayıcı protokollarının müddəalarını nəzərə alaraq, Azərbaycan artıq qeyd olunan konvensiyaya qoşulub. Ona görə hesab edirəm ki, indiki məqamda MDB çərçivəsində yeni sazişlərə qoşulmağımızın əhəmiyyəti yoxdur. Əvvəla, vaxtı ilə Azərbaycan Xalq Cəbhəsi Azərbaycanın MDB-yə daxil olmasının əleyhinə olub. Bununla əlaqədar hətta Bakı şəhərində etiraz aksiyası keçirilib. Biz hesab edirdik ki, Azərbaycanın MDB-yə üzv olması Azərbaycana müsbət mənada heç nə verməyəcək. Bu gün də mən hesab edirəm ki, belə oldu. Keçən dövr ərzində biz MDB-nin üzvü ola-ola və MDB-nin digər üzvü olan Ermənistanla münaqişə şəraitində olmağımıza baxmayaraq, bu birlik Rusiya Federasiyası ətrafında yaranıb. Bu, heç kimə sirr deyil. Rusiya Ermənistana bir milyard dollar dəyərindən artıq silah verib. Bu gün də bəyan edir ki, Ermənistan bizim Cənubi Qafqazda forpostumuzdur. MDB-nin üzvü olsa da, bu gün də Ermənistan təcavüzkar siyasətindən əl çəkmir və qonşu dövlətin 20 faiz torpağını işğal altında saxlayır, hamımız bilirik ki, Rusiya özü də bu dövlətə təsir eləmir ki, MDB-nin digər bir üzvünün 20 faiz torpağını işğal eləmisən, bu işğalçılıq niyyətindən əl çək, qonşu dövlətin torpaqlarından geri çəkil!
Belə olan halda Azərbaycan GUAM çərçivəsində öz fəaliyyətini genişləndirir. Mən bunu yüksək qiymətləndirirəm, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Kiyevdə bəyannamə imzalayıb, GUAM artıq demokratik təşkilata çevrilib. Bizim MDB-dən müəyyən gözləntilərimiz var idi. Vahid iqtisadi zonanın yaradılması və s. Rusiyanın məhz istəməməsindən bu, baş tutmamışdı. Ən azından bu, GUAM çərçivəsində baş tutacaq, GUAM-ın üzvü olan digər üç ölkə - Ukrayna, Gürcüstan və Moldova ictimaiyyəti tərəfindən həmin ölkələrin müxalifəti MDB-dən çıxmaq məsələsi qaldırılıb. Mən hesab edirəm ki, Azərbaycan Parlamentində də bu məsələ müzakirə olunmalıdır. Azərbaycan cəmiyyəti bu məsələni müzakirə eləməlidir. Biz Rusiya ictimaiyyəti, Rusiya dövləti qarşısında bu məsələni açıq qoymalıyıq ki, MDB bizim ümidlərimizi, xalqımızın ümidlərini, dövlətin ümidlərini doğrultmur. Ona görə də biz nəinki belə sazişlər imzalayıb, Parlamentdə ratifikasiya etməliyik, əksinə, MDB-dən çıxmaq barədə məsələləri müzakirə eləməliyik. Ona görə də bütün bu tipli sazişlərin hamısına qeyd-şərtlə qoşuluruq. Rusiya ora elə müddəalar salır ki, dövlətin suverenliyini məhdudlaşdırsın. Ukrayna da, Moldova da, Azərbaycan da qeyd-şərtlə qoşulurlar.
Rusiyada son vaxtlar keçirilən sorğular da göstərir ki, əhalinin 60 faizi SSRİ-nin bərpa olunmasını istəyir. Yəni bu ölkə iqtisadi baxımdan bir balaca dirçələn kimi imperiya meyilləri baş qaldırır, yenidən SSRİ-nin bərpa olunması iddiasına düşürlər. Rusiya çoxmillətli ölkədir, 100-dən artıq xalqın, millətin nümayəndəsi yaşayır. Əgər orada əhalinin 60 faizi bunu istəyirsə, deməli, onların rəsmi strukturlarının 90 faizi bunu istəyir. Sadəcə, bugünkü tarixi şərait onlara bu imkanı vermir. Ona görə də hesab edirəm ki, Azərbaycan bu məsələni kəskin qoymalıdır, bizim ictimaiyyətimiz bunları bilməlidir və bu sazişin ratifikasiyasından imtina eləməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Siyavuş Novruzov, buyurun.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, Milli Məclisin üzvləri! Doğrudan da, təqdim olunan layihəyə nəzər salsaq, görərik ki, bu, dünyada aktual olan bir məsələdir. MDB çərçivəsində, NATO çərçivəsində, Avropa İttifaqı çərçivəsində, Avropa Şurası çərçivəsində bu məsələlər müzakirə olunur. İstər ikitərəfli müqavilələr əsasında olsun, istərsə də çoxtərəfli müqavilələr əsasında olsun, fərqi yoxdur. Belə addımın atılması vacibdir. Çünki insan alveri bu gün bəşəriyyətin ən böyük faciəsidir. Hətta Avropada Cinayət Məcəlləsinə xüsusi dəyişikliklər olunaraq, bu maddələri ağırlaşdırıblar ki, insan alverinə və bu cür cinayətlərə ən ağır cəzalar verilsin.
Hesab edirəm ki, biz də həmin müqaviləyə qoşulmaqla hər hansı bir təhlükə gətirmirik. Əksinə, MDB məkanında, vizasız sistem əsasında bu məsələ çox aktual rol oynayacaq. Avropaya sən üç adamı apara bilməzsən. Amma sabah Moskvadan və Rusiyadan kimisə alıb-sata bilərsən. Çünki vizasız sistemdir. Burada viza tələb olunmur və gediş-gəliş məsələsi tamam başqa məsələdir. Ona görə də bu məsələyə yanaşmada, hesab edirəm ki, biz bu müqaviləyə qoşulmalıyıq.
Bir fikrin tərəfdarı deyiləm ki, hər hansı bir müqavilədə, tədbirdə Ermənistan iştirak edirsə, biz orada iştirak etməməliyik. Onda belə çıxır ki, Ermənistan var, biz Avropa Şurasından da, BMT-dən də çıxmalıyıq. Qurumlar, klublar, EKO və başqa təşkilatlar var. Hər bir təşkilata biz o mənada yanaşa bilmərik ki, Ermənistana kömək edir, Azərbaycana eləmir. Ona görə küsüb çıxırıq, halbuki bizə meydan lazımdır. Biz hesab etməliyik ki, bu meydanda iqtisadi, siyasi və ya hansı baxımdan Azərbaycana nə sərfəlidir. Azərbaycan MDB-nin “Kollektiv təhlükəsizlik haqqında”, “Gömrük haqqında” qərarlarına qoşulmayıb. Azərbaycan öz maraqlarına xidmət etməyən məsələlərə qoşulmur. Harada bizim üçün şərait var, ona qoşulmalıyıq.
İkinci bir tərəfdən MDB ilə bağlı mətbuatda çox fikirlər səslənir. Ukrayna, Gürcüstan bu qurumdan çıxır. Birinci, Gürcüstanla bağlı səbəblər var. Gürcüstanın sərhədi bağlanıb, oradan nə çaxır, nə də “Borjomi” Rusiyanın ərazisinə ixrac oluna bilir. Ən böyük bazarı bu sahədən olan Gürcüstana külli miqdarda ziyan vurulub. O cümlədən Ukraynada qazın qiymətinin qaldırılması ilə əlaqədar qiymətlər dörd, beş, hətta yeddi dəfə qalxıbdır. Bizə də belə problem lazımdırmı? Bu gün azərbaycanlıların MDB məkanı, Orta Asiya ölkələri, Moldova və başqa ölkələr ilə vizasız gediş-gəliş fəaliyyəti var. Burada oxuyub təhsil alanlarımız, yaşayanlarımız var. Biz bu addımlarımızla orada yaşayan vətəndaşımıza problemlər yarada bilərik. Ona görə hesab edirəm ki, bu məsələlərə həssaslıqla yanaşılmalıdır. Payız, yay vaxtı azərbaycanlıların kənd təsərrüfatı məhsullarının Rusiyaya aparılması ilə əlaqədar adi, elementar bir faktı deyim. Sərhəd bir həftə bağlananda çox böyük problemlər yaranır. Vətəndaşlar ərzaq məhsullarını sata bilmirlər.
Bu gün etiraf etməliyik ki, biz Rusiyanın bazarı deyilik, Rusiya bizim bazarımızdır. Biz könüllü şəkildə o bazardan imtina eləyə bilmərik. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, hər hansı bir müqavilədə bizim üçün hansı əhəmiyyətli məqamlar var, onlara baxmalıyıq, istifadə etməliyik. Orada kim iştirak edir, o nədir, bunu əsas götürməməliyik. Xalq Cəbhəsinin və Ayaz Mütəllibovun, ikisinin də nümayəndələrinin və aparıcı adamlarının ən böyük etirafları ondan ibarət oldu ki, bizim ən böyük səhvimiz MDB-yə daxil olmamaqda idi. Bu fikir Ayaz Mütəllibov tərəfindən həmişə səslənibdir ki, bu iqtidarın ən böyük düzgün siyasəti ondan ibarət oldu ki, MDB-yə daxil oldu. Bu gün MDB-yə daxil olmaqla müstəqilliyimizi itirməmişik və heç bir proses də baş verməyib. Əksinə, hər hansı bir sözümüzü deməyə meydan qazanmışıq, indi həmin meydanı da könüllü şəkildə itirmək istəyirik.
Biz MDB-nin, İslam Konfransı Təşkilatının, EKO-nun, BMT-nin, Avropa Şurasının üzvüyük. Gələcəkdə NATO-nun da, Avropa İttifaqının da üzvü olacağıq. Bunlar bizim xeyrimizədir. Biz balanslaşdırılmış siyasət aparırıq. Konkret hər hansı dövlətin əlaltısına çevrilmək fikrində deyilik. Ona görə hesab edirəm ki, bu yönümdə də dövlət başçısının apardığı siyasət tamamilə məqsədəuyğundur və bu səpkidə də getməlidir.
Sədrlik edən. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, Ziyafət müəllim. Demək olar ki, Siyavuş müəllim bizim dediyimiz fikirləri ifadə elədi. Açıq deyim ki, mən, Fərrux müəllim, Vahid müəllim və Arif müəllim 90-cı illərin deputatlarıyıq. Bir nəfər o vaxt dedi ki, daha müstəqil dövlət olduq, dədəmizdən ayrıldıq, varımız-yoxumuz da getdi. Rusiyada hər şeyimizi itirdik. Heç nə qazanmadıq. Ona görə kiminləsə bəhs eləməli deyilik.
Biz müstəqil dövlətik. Müstəqil dövlətin başçısı var, uzaqgörən, müdrik bir insan var. Cənab İlham Əliyev çox tarazlı siyasət aparır. O demək deyil ki, Gürcüstan MDB-dən çıxdı, Ukrayna çıxdı, biz də çıxaq. Onların problemi var, özləri bilərlər. Amma bizim heç bir problemimiz yoxdur. Burada deyildi, bizim nə qədər insanlarımız Rusiyada yaşayır, işləyir, ailələrini dolandırır. Yaxud Rusiyada nə qədər böyük bazarlarımız var, indi artıq o bazar açılır. Bizim kənd təsərrüfatı məhsullarımızın əksəriyyəti Rusiyada satılır.
Ona görə çox xahiş edərdim ki, hörmətli həmkarlarım, danışanda bir az diqqətli danışasınız. Bizim danışıqlarımız oradakıları incidir. Bir vaxtlar biz getmişdik, İranda olduq, İranda azərbaycanlı deputatlar dedilər ki, ora bayraq taxmısınız, bura bayraq taxmısınız, niyə qoymursunuz burada yaşayaq? İndi bu gün də bundan danışırıq. Belə olmaz.
Düzdür, siyasət meydandır, bəlkə də bizi televiziyaya çəkməsələr, mən inanıram ki, heç kəs danışmaz. Amma televiziya xatirinə çəkilirik, hamımız özümüzü göstəririk. Mən şəxsən uzun illər deputat olan bir ağsaqqal kimi çox təəssüf edirəm. Gərək dövlətlərə, xalqlara qarşı danışanda çox ehtiyatla danışaq.
Sədrlik edən. Sağ olun, Eldar müəllim.
Tamamilə normal bir sənəddir. Hesab edirəm, səsə qoymaq olar. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.51 dəq.)
Lehinə 82
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölümünün və onun regional əməliyyat qrupunun yaradılması barədə” qərarın təsdiq edilməsi haqqında. Əli müəllim, buyurun.
Ə. Hüseynov. Təşəkkür edirəm, Ziyafət müəllim. Ümidvaram ki, bu qərar Müstəqil Dövlətlər Birliyi ilə bağlı olsa da, artıq qızğın siyasi müzakirəyə səbəb olmayacaq, çünki həmkarlarım buna tamamilə aydınlıq gətirdilər.
Bu qərarın mahiyyəti nədən ibarətdir? Müstəqil Dövlətlər Birliyi Narkotik vasitələrin, psixotrop maddələrin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizə üzrə Proqramın müddəalarına uyğun olaraq belə bir qərarı imzalayıblar. Konkret olaraq qərara gəlinir ki, birincisi, 2005-ci il 1 yanvar tarixindən MDB-nin iştirakçısı olan dövlətlərin büdcə vəsaitləri hesabına maliyyələşdirilən orqanların işçi heyətinin sayı yenidən müəyyən edilsin. Bu, qərarda öz əksini tapıb. Sərhəd qoşunlarının və digər orqanların sayının nə qədər olacağı müəyyənləşib.
İkincisi, MDB-nin iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirliyi Şurasına tapşırılır ki, iştirakçı dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə büronun tərkibində Mərkəzi Asiya regionu üçün xüsusi bir qrup - bölmə yaradılsın. Qərara alınır ki, Mərkəzi Asiya regionunda yaradılan əməliyyat qrupu Daşkənd şəhərində yerləşdirilsin. Mənə elə gəlir ki, bu, təsadüfi deyil. Bilirik ki, bu regionda haqqında danışılan cinayətkarlıq daha çox inkişaf edib. Amma, təbii ki, bu, bütün MDB dövlətlərinin maraqlarına toxunur. Bu baxımdan əməkdaşlıq vacibdir.
Bu qərar imzalananda dövlət başçısı tərəfindən tamamilə düzgün olaraq qeyd-şərt olunub ki, Azərbaycanın maliyyə imkanları nəzərə alınmaqla. Burada söhbət Mərkəzi Asiya regionundan gedir və əgər Azərbaycan maraq göstərərsə, ehtiyac duyarsa, bu maliyyə dəstəyini verəcək, yox, ehtiyac duymazsa, onda bu maliyyə işində iştirak etməyəcək.
Ziyafət müəllim, fürsətdən istifadə edib bir məsələyə toxunmaq istəyirəm. Siz dil-üslub məsələlərini tamamilə düzgün qeyd etdiniz. Ümumiyyətlə, artıq rəhbərlikdə qərara alınıb, konvensiyaların, qərarların, müqavilələrin dil və üslubu ilə bağlı müəyyən işlər görülür.
Mən istədim, bir məsələyə də diqqəti yönəldim. Bilirsiniz ki, bizim Beynəlxalq müqavilələrin bağlanması, icrası, ləğv olunması haqqında qanunumuz var. Amma bu qanun Konstitusiyadan öncə qəbul olunub. Hesab edirəm ki, artıq vaxtı çatıb, biz bu qanuna yenidən baxmalıyıq, onu günün tələblərinə uyğun yenidən işləyib hazırlamalıyıq. Misal üçün, qanunun belə bir müddəası var: sazişlər, müqavilələr imzalandıqdan bir ay sonra Parlamentə təqdim olunsun. Amma bəzən nə baş verir? Eyni sahəyə aid olan müəyyən bir konvensiyalar, sazişlər imzalandığı dövrdə aktual olur, ictimaiyyətə çatdırılır. Ölkə Prezidenti səfərləri zamanı bu barədə bildirir. Amma müəyyən vaxt keçir, həm qanunun müddəası pozulur, həm də yenidən ictimaiyyətə təqdim olunanda anlaqlı olmur. Axı, bir-iki il bundan öncə imzalanmış müqavilə niyə indi Parlamentə təqdim olunur? Mənə elə gəlir ki, bu məsələlərə diqqət yetirməyimiz vacibdir. Amma bu qərar da labüddür. Çox sağ olun.
Sədrlik edən. Səməd müəllim, bu məsələ Sizin komissiyada da müzakirə olunub, qeydiniz varmı?
S. Seyidov. Çox sağ olun. Mən də həm Əli müəllimin, həm Sizin, həm də Jalə xanımın dediklərinə qoşuluram. Ümumiyyətlə, siz bilirsiniz, uzun müddətdir, biz bu məsələləri nizama salmaqla bağlı Xarici İşlər Nazirliyində məsələ qaldırırıq. Hesab edirəm ki, Siz tamamilə haqlısınız, yalnız sazişlərlə yox, başqa məsələlərlə də bağlı ciddi işlər aparılmalıdır və aparılacaq. Mən buna əminəm.
İkinci, burada çox gözəl və düzgün qeyd elədilər, Azərbaycan hər hansı bir sazişə imza atanda Azərbaycanın maraqlarını üstün tutur. Müzakirə etdiyimiz saziş də dediklərimin çox gözəl nümunəsidir. Əli müəllim qeyd elədi, Azərbaycan bu sənədə qeyd-şərtlə qoşulub, xüsusi fikrini, mövqeyini və Azərbaycanın maraqlarını ifadə edib. Doğrudan da, problem həddindən artıq vacibdir. Biz Azərbaycanın maliyyə imkanları nəzərə alınmaqla, Azərbaycanın maraqları qorunmaqla bu layihədə iştirak edir və onu aktiv şəkildə dəstəkləyirik. Bizim komissiyada bu məsələyə müsbət rəy verilib.
Siyavuş müəllim və Eldar müəllim bizim beynəlxalq təşkilatlarda iştirakımızla bağlı qeyd elədilər. Həmkarlarımın fikrini dəstəkləyirəm. Fərqi yoxdur, hansı beynəlxalq təşkilatdır, bizim üçün əsas olan Azərbaycanın marağıdır. Beynəlxalq təşkilat, ümumiyyətlə, dünyada gedən inteqrasiyanı öndə tutursa, Azərbaycanın maraqları orada təmsil olunmalıdır. Təcrübə göstərir ki, harada Azərbaycanın maraqları təmsil olunmursa, orada Azərbaycana qarşı fəaliyyət başlanır, sonra isə problemlər ortaya çıxır. Bütün bunların hamısı isə Azərbaycana qarşı yönəlir. Ona görə bütün beynəlxalq təşkilatlarda Azərbaycan çox aktiv fəaliyyət göstərməlidir. Yalnız və yalnız belə fəaliyyət Azərbaycanın mövqelərinə uyğun olacaqdır. Biz bu sazişi müsbət qiymətləndiririk. Sağ olun.
Sədrlik edən. Sağ olun, təşəkkür edirəm. Nizami müəllim, buyurun.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən çıxışlara çox diqqətlə qulaq asdım, məsələ çox aktualdır. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2004-cü il sentyabrın 16-da Astana şəhərində keçirilən iclasında imzalanan bu qərar Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi işində, əlbəttə, səmərəliyi artıracaq. Nəzərə alsaq ki, Müstəqil Dövlətlər Birliyi ölkələrinin böyük əksəriyyəti üçün narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi heç də azalan xətlə müşahidə olunmur, onda bunun əhəmiyyəti daha qabarıq görünər.
Mövzu ətrafında danışarkən mən bir daha diqqəti Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal edilmiş ərazilərində və Dağlıq Qarabağda salınan narkotik plantasiyalara yönəltmək istərdim. Bu, artıq beynəlxalq təşkilatların da qəbul etdiyi faktdır. Mərkəzi ofisi Kiyev şəhərində yerləşən Xarkov Araşdırma Mərkəzinin Birləşmiş Millətlər Təşkilatı üçün hazırladığı hesabatda yazılır: ”Ermənistan silahlı qüvvələrində gərgin mühit əsgərlər arasında qorxu və stres vəziyyətini artırıb. Hər 10 əsgərdən altısı artıq müxtəlif çeşidli narkotik maddələrdən istifadə edir”. Bu misal işğalçı Ermənistan ordusunda yaşanan vahimənin göstəricisi olduğu kimi, nəzarətsiz ərazilərdə ildən-ilə genişlənən narkotik plantasiyaların da göstəricisidir.
Mən sizin yadınıza salmaq istəyirəm ki, 2001-2002-ci illərdə hörmətli Prezidentimiz Avropa Şurasında nümayəndə heyətinin rəhbəri olarkən həmin narkotik maddələrin Qarabağ bölgəsində əkilməsi haqqında ciddi çıxış elədi və bu çıxışın da mühüm təsiri oldu. İndi həmin müddətdən 5-6 il keçir. Yenə də ermənilər öz bildiklərini eləyir və Qarabağda həmin fəaliyyətləri ilə məşğuldurlar. Rusiya Federasiyasının rəsmi qanunları və Müstəqil Araşdırma Mərkəzinin rəsmən ortalığa qoyduğu məlumat bundan ibarətdir ki, Rusiyanın narkotika bazasının 78 faizini Orta Asiya respublikaları təmin edirsə, yerdə qalan 22 faizi Qafqaz regionunun payına düşür. Sözsüz ki, həmin mənbələr, adətən, konkret Ermənistan anlayışını Dağlıq Qarabağ regionu kimi təqdim etməkdə maraqlıdırlar.
Bütün bunları nəzərə alaraq Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi haqqında əsasnaməyə Azərbaycan tərəfinin əlavəsini təklif edərdim. Həmin əlavədə işğal zonalarında bu növ cinayətlərlə mübarizənin forması əks olunmalıdır. Heç kim üçün gizli deyil ki, narkotik maddələrin gəliri terror, separatçılıq və onlardan doğan silah qaçaqmalçılığı üçün xərclənir. Məhz həmin faktların gündəmdə olması narkobiznes üçün münbit şərait deməkdir.
Diqqətinizə belə bir faktı çatdırıram. Amsterdamdakı transmilli sənədli informasiyalar üzrə strateji mərkəzin əməkdaşları dünya praktikasında analoqu olmayan tədqiqat işinə yekun vurublar. Ekspert qrupunun Ermənistanda və Azərbaycanda müəyyənləşdirdiyi narkotik maddələrin aludəçilik əmsalı belə görünür. Ermənistanda adamların 35 faizi onların əkilməsində, 11 faizi daşınmasında, 40 faizi isə satılmasında iştirak edir. Bu faiz əmsalı Azərbaycanda müvafiq olaraq belədir: 2, 4 və 6 faiz. Biz tərəf olaraq adı çəkilən qərara Azərbaycan Respublikasının qeyd-şərti ilə, yəni maliyyə imkanları nəzərə alınmaqla qoşulacağıq. Buna baxmayaraq, erməni separatizminin və terrorizminin yaratdığı narkotika plantasiyaları barədə mütəmadi danışmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Hörmətli deputatlar, bu qanun layihəsindən sonra bizim kiçik bir qanun layihəsi var. Mən müraciət edirəm. Qüdrət müəllim, Asif müəllim, əgər təkid eləmirsinizsə, yekunlaşdıraq. Sağ olun. Onda xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 87
Əleyhinə 8
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 95
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Növbəti məsələ Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi haqqındadır. İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Cənab Prezident İlham Əliyevin təqdim etdiyi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişiklik edilməsi haqqında qanun layihəsi Azərbaycan Respublikasının 2001-ci il 12 iyun tarixli “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin təsdiq edilməsi ilə əlaqədardır. Bu qanunla təsdiq edilmiş “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 72-ci bəndinə əsasən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrdən asılı olaraq maaşlar və 73-cü bəndinə əsasən xidmət illərinə görə vəzifə maaşlarına əlavələr aylıq gəlirin vergi tutulmayan məbləği əsasında müəyyən edilir. 2001-ci il 24 iyul tarixindən vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələrə və xidmət illərinə görə vəzifə maaşlarına əlavələrin ödənilməsi başlanmışdır.
“Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2005-ci il 21 oktyabr tarixli Qanununun tətbiq edilməsi haqqında Prezidentin fərmanının 1-ci bəndi ilə qüvvədə olan qanunvericilik aktlarının qeyd olunan Qanuna uyğunlaşdırılması barədə təkliflərin hazırlanması tapşırılmış və bu günədək “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”yə müvafiq dəyişikliklər edilməmişdir. Göstərilənlərə əsasən “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 72-ci maddəsinin ikinci – on birinci, 73-cü maddəsinin ikinci – səkkizinci abzaslarında “aylıq gəlirin vergi tutulmayan məbləği” sözləri “minimum aylıq əmək haqqının” sözləri ilə əvəz edilməlidir. Hörmətli deputatlar, ali icra orqanı ilə müvafiq danışıqlar aparılmış və bu sahədə razılıq əldə edilmişdir. Təklif olunur ki, səsə qoyulsun.
Sədrlik edən. Bu qanun layihəsi Regional məsələlər daimi komissiyasında da müzakirə olunub. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli deputatlar! Bu layihədə düzəlişin ikinci hissəsi cənab Səmədzadənin dediyi kimi, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanuna düzəlişlə və şərti maliyyə vahidinin tətbiqi ilə bağlıdır.
2004-cü ildən Vergi Məcəlləsində bələdiyyə torpaqlarına görə vergi şərti maliyyə vahidi əsasında hesablanır. Bundan qabaq meyar kimi aylıq gəlirin vergi tutulmayan məbləği istifadə olunurdu. Bu rəqəm çox dinamik olduğu üçün hesablama aparmaq böyük çətinliklər törədirdi. İş burasındadır ki, aylıq gəlirin vergi tutulmayan məbləğinə, eyni zamanda, biz minimum əmək haqqı deyə bilərik. Minimum əmək haqqı, bildiyiniz kimi, ilbəil dəyişilir, iqtisadiyyatın dəyişməsi ilə, əhalinin rifah halının yaxşılaşması ilə əlaqədar yüksəlir. 75 mindən başlayaraq indi 150 minə yaxınlaşıb. Bu rəqəm bundan sonra da dəyişəcək.
Şərti maliyyə vahidi təzə pulla 1manat 10 qəpikdir. Şərti maliyyə vahidinin tətbiqi vergi yükünün artırılmasına gətirmir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 18-5, 18-7 və 18-9-cu maddələrində bu düzəliş əksini tapmışdır. Məsələ komissiyada müzakirə olunub və Milli Məclisin müzakirəsinə tövsiyə olunubdur. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Qanun layihəsinin müzakirəsi üçün yazılanlar var? Fəzail müəllim, buyurun.
F. Ağamalı. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən çox üzr istəyirəm, vaxt gec olsa da, çox vacib müddəalar var ki, istəyirəm, ona bir aydınlıq gətirilsin. “Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə”nin 72-ci maddəsində dəyişikliklərdə göstərilir ki, aylıq gəlirin vergi tutulmayan məbləği, yəni 33 manat minimum əmək haqqı əsas götürülsün. Bu, vergi işçilərinin həm dərəcəyə, həm də xidmət illərinə görə əlavələrinə mənfi təsir göstərəcəkdir. Yəni 20 il iş stajı olan vergi işçisi hər ay 10 manata qədər vəsait itirəcəkdir. Bizim hər hansı bir dəyişikliyimiz vətəndaşın marağına xidmət eləməlidir. Mənə elə gəlir ki, burada bir qədər anlaşılmazlıq və natamamlıqlar var. Bunu hörmətli komissiya sədrlərinin də bir daha nəzərdən keçirməsini istərdim.
İkinci, bələdiyyə torpaqları ilə bağlı, idarə edilməsi ilə bağlı əlavə və dəyişikliklər, hesab edirəm ki, aktualdır. Burada da 18.5-ci maddədə dəyişiklik nəzərdə tutulur. Biz qeyd elədik ki, şərti maliyyə vahidi 1 manat 10 qəpik götürülür. Arif müəllim də çox doğru qeyd elədi, minimum aylıq əmək haqqı isə 30 manat müəyyənləşib. Aylıq gəlirlərin vergi tutulmayan məbləği hesablamaya görə, təqribən 33 manata gəlib çıxır. Qanunlarda bu anlayışların dəyişdirilməsi, əvəzlənməsi əhalinin sosial vəziyyətinə yenə də mənfi təsir göstərirsə, buna getmək, məncə, doğru deyil. O anlayış və termin işlənməlidir ki, insanların mənfəətinə xidmət eləsin. Məsələn, aylıq gəlirlərin vergi tutulmayan məbləği 0,3 faizdir. Yəni 1 manat 65 qəpikdir. Şərti maliyyə vahidinin 5 faizi 5 qəpik yarım eləyir. Deməli, aylıq gəlirin vergi tutulmayan məbləğinin 0,3 faizi şərti maliyyə vahidinin 5 faizi arasında təqribən 30 dəfə fərq var. Bu o deməkdir ki, biz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunda söz dəyişikliyi eləməklə torpaqlara görə ödənilən vergiləri 30 dəfə qaldırırıq. Bu isə çox ciddi müzakirə tələb edir.
Bəlkə burada mən rəqəmlərdə yanlışlıq edirəm. Amma mənim apardığım hesablamalarda bu bir anlaşılmazlıq kimi çıxır. Əgər yanlış olarsa, xahiş edərəm, komissiya sədrləri bu məsələyə münasibət bildirsinlər. Ondan sonra qəbul eləmək mümkündür.
Sədrlik edən. Sağ olun. Arif müəllim, buyurun.
A. Rəhimzadə. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 18-5-ci maddəsində kənd təsərrüfatı torpaqlarının icarə haqqından tutulan vergilər nəzərdə tutulur. Köhnə hesablamalarla bu, 125 min 500 manatdırsa, təzə hesablama ilə, yenə köhnə pulla 23375 manatdır. Burada şərti maliyyə vahidinin tətbiqi ilə bərabər onun vergi rəqəmləri də azalıb. Orada 5 faiz idisə, burada 0,3 faizdir və s. Digər təyinatlı bələdiyyə torpaqlarında qabaq 1 kvadratmetrin vergisi 25 manat idisə, 25 manat da qalır.
Üçüncü kateqoriya imtiyazlı insanlardır: Sovet İttifaqı Qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı, Sosialist Əməyi Qəhrəmanı, müharibədə həlak olanların ailələri və s. Bu halda da heç bir artma yoxdur. Əksinə, müəyyən hallarda bir balaca azalma da var. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Birinci məsələ ilə əlaqədar Ziyad müəllim qeyd elədi. Deməli, müvafiq qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılıq əldə olunubdur. Bilmirəm, izahata ehtiyac var? Onda buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.13 dəq.)
Lehinə 84
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 89
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Bununla da iclasımız qurtardı.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi