2006-ci il 26 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ
 
PROTOKOLU  №  19

Milli  Məclisin  iclas  salonu.
26  may  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Heydər Əsədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.
Nigar İsmayılzadə, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin mətbuat katibi.
Şahin Sadıxov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Zaur Fətizadə, Azərbaycan Respublikası Vergilər Nazirliyinin idarə rəisi.
Mirqasım Vahabov, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Baş Maliyyə-Tarif İdarəsinin rəisi.
Rasim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatası Aparatının rəhbəri.
İlqar Həbiyev, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi Aparatının rəhbəri.
İdris İsayev, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Maliyyə-büdcə şöbəsinin müdiri.

* * *

T.Musayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
A.Cəfərov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Təşkilat-Analitik İdarəsinin rəisi.
D.Rəhimova, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Qanunvericilik və Hüquqi Təbliğat İdarəsinin rəisi.
M.Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin qərargah rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.

2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
3. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisinin Sədri                                      O.ƏSƏDOV
 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

26 may  2006-cı il.  Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat  (saat 12.03 dəq.)
İştirak edir  86
Yetərsay  83

Yetərsay var, iclasımıza başlaya bilərik.
Hörmətli millət vəkilləri, icazə versəniz, sizin adınızdan möhtərəm Prezidentimizi Respublika günü münasibəti ilə təbrik edək, ona, xalqımıza can sağlığı, xoşbəxtlik arzulayaq! (Aлгышлар.)
Bildiyiniz kimi, bu gün Respublika günü ilə əlaqədar tədbir olacaq. Sizdən xahiş edirəm ki, bu gün fasiləsiz işləyək, saat 4-də işimizi qurtaraq. Etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Gündəliyin növbəti məsələsinə keçirik. “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə”. İqtisadi siyasət komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z.Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsinə əlavələr və dəyişikliklər barədə məsələ İqtisadi siyasət, Aqrar siyasət və Sosial siyasət daimi komissiyalarında geniş müzakirə olunmuş və qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi məsləhət görülmüşdür. 2005-ci il Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında böyük keyfiyyət dəyişiklikləri ilə müşahidə olunmuş və yaradılmış güclü baza 2006-cı ildə də özünü göstərmişdir.
2006-cı ilin 4 ayı ərzində respublikanın sosial-iqtisadi inkişafını xarakterizə edən makroiqtisadi göstəricilər xeyli dərəcədə yaxşılaşmış, dövlət büdcəsinin icrası ilə əlaqədar nəzərdə tutulmuş rəqəmlərdə dəyişikliklərin edilməsini zəruri etmişdir. Maliyyə Nazirliyinin, Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsi, İqtisadi İnkişaf Nazirliyinin verdiyi məlumatlardan, hazırladığı arayışlardan görünür ki, 4 ay ərzində Azərbaycan Respublikasında iqtisadi inkişaf sürəti yüksəlmiş, vergilərdən daxilolmalar artmış, Dövlət Gömrük Komitəsi tərəfindən büdcə gəlirlərinin artması imkanları genişlənmişdir. Bütün bunlar, eyni zamanda, neftin dünya bazarında qiymətinin artması ilə əlaqədar daxil olmuş büdcə gəlirlərinin tənasüblüyünü təmin etmək üçün tədbirlərin görülməsi məqsədəuyğun sayılır. Respublikada iqtisadi aktivlik güclənmiş, sahibkarlığın inkişafı, regionların üstün inkişafı və digər strateji məqsədlərlə nəzərdə tutulmuş proqramların həyata keçirilməsi də büdcədə müəyyən dəyişikliklərin edilməsini nəzərdə tutur.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, ilk 4 ay ərzində gəlirlərin keçən ilin müvafiq dövrünə nisbətən 89 faiz artması təmin olunmuşdur. 2006-cı ildə bu rəqəm 2005-ci ilin icrasına nisbətən 87,5 faiz çox olacaq. Proqnoza nisbətən artım 12,5 faiz olacaqdır. Respublikanın dövlət büdcəsi 3,8 milyard manat olacaqdır. Müqayisə üçün onu göstərmək kifayətdir ki, 2000-ci ildə bu rəqəm 715, 2001-ci ildə 784, 2005-ci ildə 2 milyard 55 milyon olmuşdur. Bir faktı da qeyd etmək istərdim, 2006-cı ildə dövlət büdcəsinin gəlir və xərcləri 1997-2002-ci illərdə cəmi büdcə gəlirləri və xərcləri qədər olmuşdur. Bir il ərzində olan artım, mən qeyd etmək istəyirəm ki, 1997-2002-ci illərdəki büdcə gəlirləri qədərdir. Yəni bu bir daha onu göstərir ki, Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər Azərbaycanın maliyyə imkanlarını köklü dərəcədə möhkəmləndirmişdir. Artıq biz büdcə gəlirləri və xərcləri ilə əlaqədar daha böyük işlər görmək imkanlarına malikik.
Vergilər Nazirliyi tərəfindən daxilolmalar proqnoz göstəricilərinə nisbətən 17,5 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən isə 5,9 faiz çox olacaqdır. Dövlət əmlakının idarə edilməsi üzrə proqnozlar da artıqlaması ilə yerinə yetirilir. Dünya praktikasında qəbul edilmiş belə bir prinsip var. O ölkələr üzrə inkişaf səviyyəsini artırırlar ki, həmin ölkələrdə büdcə ümumi daxili məhsulun strukturunda getdikcə artmağa meyil edir. Təbii ki, bunun da həddi olmalıdır.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri, proqnozlara görə nəzərdə tutulur ki, büdcə gəlirlərinin və xərclərinin ümumi daxili məhsulunun strukturunda xüsusi çəkisi 22-23 faiz arasında olacaqdır. Nəzərə alsaq ki, uzun illər boyu Azərbaycanın ümumi daxili məhsulunda büdcə gəlirləri və xərclərinin çəkisi 15-16 faiz arasında tərəddüd etmişdir, bu çox müsbət meyildir. Mən, eləcə də komissiyanın üzvləri hesab edir ki, hətta 21 faizlə də ümumi daxili məhsulun strukturunda büdcə gəlirlərinin səviyyəsinə çıxsaq, bu, Azərbaycanın sosial-iqtisadi həyatı, cənab Prezident tərəfindən müəyyən edilmiş sosial proqramların və digər investisiya proqramlarının həyata keçirilməsi üçün çox vacib bir addım olardı. Komissiyalarda bu fikir səsləndi, ümumi daxili məhsulun artımı ilə büdcə gəlirləri arasında nisbətin araşdırılması məsələsi həmişə diqqət mərkəzində olmalıdır.
Ümumi daxili məhsulun 1 faiz artımı büdcə gəlirlərinə necə təsir eləyir? Ümumi daxili məhsulun artımı yoxsulluğun azalmasına, sosial xərclərə necə təsir eləyir? Mənə elə gəlir ki, bu kimi hesablamalar aparılmalıdır. Komissiyaların birgə iclasında da İqtisadi İnkişaf Nazirliyi, digər iqtisadi qurumların nümayəndələrinin çıxışlarında da fikir səsləndi ki, bu istiqamətdə araşdırmalar aparılacaq, çünki büdcədə nəzərdə tutulmuş ümumi daxili məhsulun artımı, heç şübhəsiz, ilin sonunda dəyişməyə məruz qalacaqdır. Büdcə xərclərinin 2006-cı ildə baş verən müsbət dəyişikliklərindən biri ondan ibarətdir ki, büdcə xərclərinin strukturunda müdafiə xərclərinə ayrılan vəsaitlər artmağa meyil edib. Büdcə artımının 12,7 faizi müdafiə xərclərinin artması ilə əlaqədardır ki, bu da təbiidir, Azərbaycan müharibə şəraitində yaşayır, ölkənin müdafiə qabiliyyətinin, milli təhlükəsizliyinin möhkəmləndirilməsi bu sahədə də müəyyən konkret tədbirlərin həyata keçirilməsini zəruri edir.
Səhiyyə üzrə xərclərin artımı bütün büdcə xərclərinin artımının 7,5 faizini təşkil edəcək. Bu da çox böyük məsələdir. Təkcə bir il ərzində 2006-cı ildə səhiyyəyə ayrılan xərclər 32 milyon manat artacaqdır. Komissiyaların iclasında hörmətli Valeh müəllim dedi ki, bundan başqa 10 regionda diaqnostika mərkəzləri yaradılır. Təbii ki, bunlar işə salındıqdan sonra Səhiyyə Nazirliyinin tabeliyinə veriləcək. Səhiyyə Nazirliyinin, ümumiyyətlə, büdcədən maliyyələşdirilən xərcləri də artmağa meyil edəcək. Bununla bərabər, komissiyalarda fikir səsləndi ki, səhiyyə, təhsillə əlaqədar olan xərclərin, xüsusi ilə də adambaşına düşən xərclərin artması ən vacib məsələlərdən biridir.
Ən vacib məsələlərdən biri ondan ibarətdir ki, 2006-cı ildə dürüstləşmiş büdcə artımının 5,1 faizi təhsil xərclərinə yönəldiləcəkdir. Təhsil sistemindəki islahatları görürsünüz, görülən tədbirlər göz qabağındadır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilən məktəblər, bütövlükdə Azərbaycanda məktəb tikintisi ilə əlaqədar görülən işlər, şübhəsiz ki, büdcə xərclərinin strukturunda təhsilin rolunun artmasına xeyli dərəcədə müsbət təsir edir. Amma yenə mən demək istəyirəm ki, 2007-ci ilin büdcəsində səhiyyə, təhsil, elm xərcləri ilə əlaqədar maddələr daha dərindən araşdırılacaq, bizim inkişafımız üçün yeni imkanlar açılacaq.
Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! 2006-cı ilin büdcəsinin strukturunda daha bir keyfiyyət dəyişikliyi baş vermişdir. Azərbaycanın dövlət büdcəsi müasir bazar tələblərini həyata keçirməklə milli iqtisadiyyatın formalaşmasına xidmət edən istiqamətdə inkişaf etdirilir. Məsələn, əsaslı vəsait qoyuluşunun xüsusi çəkisi 4,9 faizdən 21,9 faizə qalxacaqdır. Vaxt vardı, biz arzu edərdik ki, bu rəqəm, heç olmasa, 2-3 faiz olsun, amma bu gün büdcə artımının 44,9 faizi əsaslı vəsait qoyuluşuna yönəldilir. Bu çox mütərəqqi bir prosesdir. Hesab edirəm ki, belə bir prosesin bir neçə il davam etməsi Azərbaycanın sosial infrastrukturunun yaxşılaşmasına, kəndlərin abadlaşmasına, yolların çəkilməsinə, ümumiyyətlə, Azərbaycanın müasir, sivil istehsal və sosial infrastruktura malik olması üçün çox vacibdir. Hesab edirəm ki, hörmətli Samir müəllim daha konkret faktlarla bu rəqəmlərin arxasında nələrin olduğunu ətraflı deyəcək.
Bir neçə məsələ vardır ki, hörmətli millət vəkilləri, cənab Sədr, komissiyanın iclasında müzakirə obyekti oldu. 4 ay ərzində xərc maddələrinin kəsirlə yerinə yetirilməsi məsələsi meydana çıxdı, bu da ilk aylarda, təbii, ola bilər. Fikrimizcə, bu məsələyə diqqət artırılmalıdır.
Komissiyaların iclasında ən vacib məsələlərdən biri kimi pul-kredit siyasəti ilə büdcə siyasətinin əlaqəli şəkildə aparılması məsələsi vurğulandı. Mən razılıq hissi ilə qeyd etmək istəyirəm ki, artıq Azərbaycanda pul-kredit siyasətinin təkmilləşməsi istiqamətində çox cəsarətli addımlar atılır, uzun illərdir, inflyasiyanın səviyyəsi, pul-kredit siyasətinin tələbləri iqtisadi inkişafla bilavasitə əlaqələndirilir. Azərbaycanın əlaqələri artır, Azərbaycanın enerji daşıyıcılarının dünya bazarında artması, təbii ki, Azərbaycanda idxal olunan malların dəyərinə təsir eləyir, inflyasiya şəraiti yaradır, üstəlik də, Azərbaycanın sosial inkişafı ilə əlaqədar olan xərclər inflyasiyaya təsir eləyən amillərdir. 2006-cı ildə büdcədə nəzərdə tutulan 9 faiz inflyasiya reallıqdır. Mən hesab edirəm ki, Milli Bankın da, Maliyyə Nazirliyinin də, İqtisadi İnkişaf Nazirliyinin də birgə fəaliyyəti bu sahədə müəyyən sarsıntıların olmasının qarşısını ala bilər. Mən komissiyaların adından çox xahiş edərdim ki, iqtisadi orqanlar arasında bu məsələlərdə razılaşma, koordinasiya işi daha da təkmilləşdirilsin.
İki-üç il bundan qabaq enerji daşıyıcılarının qiymətlərinin artması ilə əlaqədar mətbuatda ayrı-ayrı orqanların rəhbərləri inflyasiya haqqında müxtəlif rəqəmlərlə çıxış etdilər. Biri dedi, 6 faiz, biri dedi, 9 faiz, biri dedi, 4 faiz inflyasiya var. Təbii ki, belə bir çaşqınlıq yarandı, bu da müəyyən dərəcədə bazarda qiymətlərin artmasına təsir etdi. Mən hesab edirəm ki, artıq respublikada yaranmış şərait, iqtisadi orqanların fəaliyyətinin canlanması, keyfiyyət istiqamətində gördüyü işlər əsas verəcək ki, bu çox vacib, incə bir problem daha əsaslı şəkildə koordinasiya olunsun. Pul kütləsinin ümumi daxili məhsula nisbəti diqqət mərkəzində saxlanılır və hesab edirəm ki, Milli Bankın bu sahədə atdığı addımlar diqqətəlayiqdir. Amma eyni zamanda, biz gərək dünya təcrübəsini nəzərə alaq. Vaxt var idi ki, xarici ekspertlər Azərbaycanda inflyasiyanın sıfır dərəcədə olmasını bizim üçün müsbət hal kimi qiymətləndirirdilər, halbuki həmin dövrdə Azərbaycanın maliyyə imkanları da var idi. İnflyasiyanın sıfır vəziyyətdə olması Azərbaycanda iqtisadi fəallığın xeyli dərəcədə zəifləməsinə səbəb ola bilərdi. Ümumiyyətlə, büdcədə inflyasiyanın dürüstləşmiş, dəqiqləşdirilmiş 9 faizə qədər olması, hesab edirəm ki, qəbul edilə bilər, ancaq xoşbəxtlikdən biz bu rəqəmə də çatmamışıq. Ümumiyyətlə, büdcədə neftin qiyməti 40 dollar təsdiq olunmuşdu, indi 50 dollar təsdiq olunur, bu da təbiidir. Yəni Azərbaycanın maliyyə sistemi getdikcə qloballaşan dünyanın sərt tələblərini nəzərə alır, eyni zamanda, qeyri-neft sektorunun inkişafı ilə əlaqədar məsələlərə diqqətimizi daha da artırmalıyıq.
Regionların maliyyə imkanlarının genişləndirilməsi dəqiqləşdirilmiş büdcədə öz əksini tapmışdır. Mən keçən sessiyada da dedim, dünən də komissiyada deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, Rüfət Quliyev, digər deputatların çıxışlarında narahatlıq hiss olundu ki, daxil olan neft gəlirlərindən gələcək büdcələrin formalaşmasında daha səmərəli istifadə etməliyik. Yəni kifayət qədər pulumuz varsa, bu o demək deyil ki, həmin pulları birdən-birə dövriyyəyə buraxaq. Məsələnin optimal həllini tapmalıyıq ki, Azərbaycan iqtisadiyyatında yeni texnologiyalar, innovasiyalı sistemli tədbirlər həyata keçirilsin. Yeni-yeni zavodların alınması istiqamətində işlərimiz genişləndirilməlidir.
Mən bir məsələni də demək istəyirəm. Müasir qloballaşan dünyada dövlət və özəl sektor məsələsinə münasibət dəyişir. Büdcənin tərtib olunmasında da bu, gələcəkdə nəzərə alınmalıdır. Özəl sektorla dövlət arasında bu gün yaranan əlverişli şərait inkişafa kömək edir. Cənab Prezident İlham Əliyevin bütün çıxışlarında bu məsələ xüsusi ilə vurğulanır ki, dövlət iqtisadi inkişafa müdaxilə etmir, yuxarıdan göstərişlər vermir, ancaq əlində olan iqtisadi mexanizmlər vasitəsi ilə iqtisadiyyatın inkişafına kömək edir. Bu gün bütün dünyada, hətta Yeqor Qaydarın tərəfdarları indi Rusiyada Putinin apardığı tədbirləri bəyənərək qeyd edirlər ki, biz gələcəkdə dövlət sahibkarlığı məfhumuna münasibəti dəyişdirməliyik.
Mən vaxtınızı çox almaq istəmirəm. Azərbaycanın 2006-cı il büdcəsi ilə bağlı bütün dünyaya bəyan edə bilərik ki, qısa bir müddət - 5 il ərzində büdcə gəlirlərinin 5 dəfədən çox artması əhalinin sosial sarsıntılarına gətirib çıxarmamışdır. Əhalinin gəlirlərinin artması sosial sarsıntılara, yüksək inflyasiya həddinə çatmamışdır. Nə üçün? Ona görə ki, müəyyən edilmiş strateji kurs, strategiya və onun idarə edilməsində bilavasitə iştirak edən iqtisadi orqanların fəaliyyətinin canlanması Azərbaycanın 2006-cı ildə də büdcəsinin yerinə yetirilməsinə şərait yaradacaq. Çox xahiş edərdim ki, gələcəkdə büdcə müzakirə olunanda, maliyyə intizamını pozan dövlət qurumları, digər qurumlar barədə də hesabatda müəyyən məlumat verilsin. Mən əminəm ki, millət vəkilləri 2006-cı ilin dürüstləşdirilmiş, dəqiqləşdirilmiş büdcəsinə müsbət münasibətlərini bildirəcəklər. Çox sağ olun.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən bir təklif vermək istəyirəm. Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında Qanuna dəyişiklikləri elə birinci məsələnin tərkib hissəsi hesab etmək olar. İcazə versəniz, bu məsələyə də qulaq asardıq, səsverməni ayrı-ayrı keçirərdik. Etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.22 dəq.)
Lehinə  90
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  4
İştirak edir  95
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Söz verilir Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbliyə.
H.Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar! Azərbaycanın iqtisadiyyatında gedən sıçrayışlı inkişaf istiqamətindəki dəyişikliklər son nəticədə xalqın rifahının yaxşılaşmasına yönəlmişdir. Əmək haqlarında, istehsalın digər sahələrində olan dəyişikliklər özünü sosial büdcədə göstərir. Dövlət Sosial Müdafiə Fondunun da büdcəsi bu baxımdan müsbət mənada dəyişir. Eyni zamanda, Azərbaycan büdcəsində profisit yaranan kimi möhtərəm Prezidentin qayğısı və diqqəti nəticəsində bu profisitdən də müəyyən qədər Dövlət Sosial Müdafiə Fonduna transfer edilir, bu da, əlbəttə, pensiyaların baza hissəsinin və digər məsələlərin həllində çox önəmli rol oynayır.
Bütün rəqəmlər və sənədlər sizə paylanmışdır. Biz həm büdcənin müzakirəsi zamanı, həm də Dövlət Sosial Müdafiə Fondunun büdcəsi müzakirə olunarkən bu rəqəmlər ətrafında geniş söhbət etmişik. Son fikir ondan ibarət olub ki, son iki ildə Azərbaycan büdcəsinin profisitinin müzakirə olunması ən önəmli və yaxşı hallardan biridir. Dövlət Sosial Müdafiə Fondunun da müsbət saldosu, gəlirlərinin artması bölünür və bu da xalqın rifahına xidmət edən məsələdir.
Rəqəmlər, əsasən, bunlardan ibarətdir. Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinin 1-ci maddəsində göstərilən “568.241.500,0” rəqəmləri “589.481.200,0” rəqəmləri ilə əvəz edilsin. Bütövlükdə bu bölgü əmək pensiyalarının ödənilməsinə, məcburi dövlət sığorta haqları hesabına müavinətlərin ödənilməsinə, əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsinə, əlillərin sosial müdafiəsi orqanlarının saxlanması xərclərinə, əlillik problemi ilə bağlı informasiya təminatının, əlillərin yaradıcılıq və asudə vaxtlarının, idman və bədən tərbiyəsi üzrə tədbirlərin təşkilinə, əlillərə maddi və texniki yardımın təşkilinə, Dövlət Sosial Müdafiə Fondunun Mərkəzi Aparatının və onun yerli orqanlarının saxlanmasına, sığorta olunanların fərdi uçot sisteminin tətbiqi ilə bağlı xərclərə yönəldilmişdir.
Çox önəmli hallardan biri də ondan ibarətdir ki, ilk dəfə olaraq uzun illər şikayət mövzusu olan Ermənistan Respublikasından köçkün düşmüş insanlara əmək xəsarətinə görə ödənc uzun müddət verilmirdi. Bu ödənc məqsədi ilə 500 min manat və eyni zamanda, ləğv olunmuş kolxoz və sovxozlarda əmək zədəsi alanlara da 130 min manat vəsait ayrılmışdır. Beləliklə, biz iki böyük əhali qrupunun sosial müdafiəsini yaxşılaşdırmışıq. Bütövlükdə layihə bizim komissiya tərəfindən bəyənilib və təsdiq olunmaq üçün parlamentə göndərilib. Xahiş edirəm, deputat həmkarlarım bu sənədə səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azərbaycan Respublikasının maliyyə naziri Samir Şərifova söz verilir.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Ümummilli liderimiz Heydər Əliyevin müstəsna xidmətləri sayəsində müstəqil Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi həyatında baş verən inkişaf və tərəqqi möhtərəm Prezidentiniz cənab İlham Əliyevin son illər həyata keçirdiyi daxili və xarici siyasət nəticəsində daha böyük sürət və vüsət almaqdadır. Dövlət başçısının bilavasitə rəhbərliyi altında hazırlanan və onun ciddi nəzarəti altında həyata keçirilən bir sıra dövlət proqramları, investisiya layihələri, gündən-günə mükəmməlləşən maliyyə, vergi və gömrük sistemləri, aparılan struktur islahatları xalqımızın rifah halının durmadan yaxşılaşmasına, ölkəmizin qüdrətlənməsinə, qlobal enerji təhlükəsizliyi baxımından mühüm geosiyasi əhəmiyyət kəsb edən Cənubi Qafqaz-Xəzər regionunda sayılan və bir sıra hallarda həlledici mövqeyə malik olan dövlətlər sırasına çıxmağa xidmət edir.
Cari ilin ötən dövrü ərzində ölkənin iqtisadi fəaliyyətinin yekunları göstərir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən müəyyən edilmiş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyası özünü tam doğruldaraq olduqca müsbət maliyyə və iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir. Bu nəticələr ümumi daxili məhsulun, illik orta artım sürətinin 30 faizdən 39,5 faizədək yüksələcəyi və büdcə daxilolmalarının təsdiq olunmuş proqnoza qarşı 12 faizədək artacağı ehtimalına ciddi əsas vermişdir. Bu isə ölkə Prezidentinin regional iqtisadi inkişafın sürətləndirilməsi, sosial yönümlü proqramların maliyyə təminatının gücləndirilməsi, dövlətin investisiya fəallığının artması, yol-nəqliyyat infrastrukturunun və əhalinin su təminatının yenidən qurulması, nəticə etibarı ilə xalqın yaşayış səviyyəsinin və maddi güzəranının yaxşılaşdırılmasına yönəlmiş siyasi-iqtisadi kursunun dövlət və icmal büdcələrdə dürüstləşmə aparmaq yolu ilə həyata keçirilməsi üçün əlavə imkanlar yaradır.
Dövlət büdcəsində dürüstləşmə aparılması, eyni zamanda, ölkənin hərbi qüdrətinin daha da gücləndirilməsi istiqamətində görülən tədbirlər, yeni təşkil olunmuş Fövqəladə Hallar, Müdafiə Sənayesi nazirliklərinin, Mədəniyyət və Turizm, Gənclər və İdman nazirliklərinin, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin fəaliyyətə başlaması, habelə dövlət tərəfindən bəzi növ məhsulların qiymətlərinin artırılması da təkan vermişdir. Bunları nəzərə alaraq, 2006-cı ilin I rübünün yekunlarına dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin geniş iclasında ölkə Prezidenti tərəfindən 2006-cı il dövlət və icmal büdcələrində dürüstləşdirilmə aparılması təklifi irəli sürülmüş və müvafiq qanun layihəsi hazırlanaraq təsdiq edilmək üçün Milli Məclisə təqdim olunmuşdur.
Həmin layihədə 2006-cı il dövlət büdcəsi xərclərinin 430,5 milyon manat artırılaraq, 4 milyard 25 milyon manata çatdırılması nəzərdə tutulur ki, bu da 2005-ci ilin icrasına nisbətən 88 faiz, 2006-cı ilin dövlət büdcəsinin təsdiq olunmuş xərclərinə nisbətən isə 12 faiz çox deməkdir. Qeyd olunan artım nəzərə alınmaqla dövlət büdcəsi xərclərinin ümumi daxili məhsulda xüsusi çəkisi 23,3 faizə çatmaqla, 2005-ci ilin icrasına nisbətən 5,3 faiz artacaqdır. 2006-cı il dövlət büdcəsinin gəlirləri də 430,5 milyon manat artırılaraq 3 milyard 837 milyon manata çatdırılacaqdır. Bu, cari ilin təsdiq olunmuş proqnozuna nisbətən 12,6 faiz, 2005-ci ilin icrasına nisbətən 86,7 faiz çoxdur. Gəlirlərin ilin sonunda gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 22,2 faiz səviyyəsinə qalxmaqla 2005-ci ilə nisbətən 4,9 faiz artması gözlənilir.
Dürüstləşdirmə zamanı dövlət büdcəsi kəsirinin səviyyəsi dəyişməyərək, 188 milyon manat həddində saxlanılacaq. Onun ümumi daxili məhsulda xüsusi çəkisi 0,2 faiz azalaraq, 1,1 faizə enəcəkdir. Dövlət büdcəsində edilən dəyişikliklərlə yanaşı, icmal büdcələrdə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranmışdır. Bu məqsədlə 2006-cı il icmal büdcədə dürüstləşmə aparılmaqla icmal büdcənin gəlirlərinin 591,2 milyon manat və ya 13,9 faiz artırılaraq 4 milyard 846 milyon manata, xərclərinin 617 milyon manat və ya 13,5 faiz artırılaraq 5 milyard 203 milyon manata çatdırılması proqnozlaşdırılır. Dövlət büdcəsi xərclərinin artımı üçün nəzərdə tutulan vəsaitin 271,3 milyon manatı və 63 faizi dövlət investisiya xərclərinə, 159,2 milyon manatı və ya 37 faizi digər zəruri xərclərin maliyyələşməsinə yönəldiləcək.
Dürüstləşdirilmə çərçivəsində vəsaitlərin bölgüsü zamanı ölkənin müdafiə qabiliyyətinin artırılması və təhlükəsizliyinin gücləndirilməsi, əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması, regionların sosial-iqtisadi inkişafı, investisiya fəaliyyətinin genişləndirilməsi prioritet istiqamətlər kimi ön plana çəkilmişdir. Dövlətin müdafiə qüdrətinin gücləndirilməsi ilə bağlı ölkə başçısının məqsədyönlü siyasətinin məntiqi davamı olaraq müdafiə xərcləri 54,8 milyon manat, 2005-ci ilə nisbətən 222,8 faiz artırılaraq 641,7 milyon manata çatdırılacaqdır. Müharibə şəraitində yaşayan bir ölkədə bu zərurətin nədən irəli gəldiyini geniş açıqlamağa ehtiyac yoxdur. Bu xərclər bütövlükdə büdcə artımının 12,7 faizini təşkil etməklə, əsasən, hərbi-sənaye kompleksinin inkişafına, müdafiə və təhlükəsizlik sahəsində maddi-texniki təminatın yaxşılaşdırılmasına, pensiyalar da nəzərə alınmaqla hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə və rütbə maaşlarının artırılmasına, dizel yanacağının və ağ neftin qiymətinin qalxması ilə əlaqədar tələb olunan əlavə yanacaq xərclərinə yönəldiləcəkdir.
Büdcə artımının 58,1 milyon manatı və ya 12,8 faizi elm, təhsil, səhiyyə, sosial təminat, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələrinin saxlanılmasına sərf ediləcəkdir. Bu vəsait, əsasən, səhiyyə müəssisələrində çalışan işçilərə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamının icrası ilə bağlı 2006-cı il yanvarın 1-dən səhiyyə işçilərinin əmək haqlarının 30 faiz artımı ilə bağlı xərclərə, minimum əmək haqqının gözlənilən artımına, təyinatla kənd yerlərinə gedən müəllimlərin əmək haqlarına əlavələrə, əmək qabiliyyətini müvəqqəti itirmiş, işdən azad olunmuş işçilərə müavinətlərin verilməsinə və digər zəruri xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
Qaçqın və məcburi köçkünlərin sosial müdafiəsinin daha da möhkəmləndirilməsi, onların qış mövsümündə fasiləsiz və tam həcmdə soba yanacağı ilə təmin edilməsi üçün yanacağın qiymət fərqinin tənzimlənməsi məqsədi ilə 4,1 milyon manat vəsait nəzərdə tutulacaqdır. Yanacağın qiymət fərqinin tənzimlənməsi, elektrik enerjisi xərci və digər tədbirlərin maliyyələşdirilməsi üçün kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, nəqliyyat və rabitə, iqtisadi fəaliyyət ilə bağlı xərclərə 12,1 milyon manat və ya ümumi artımın 2,8 faiz həcmində vəsait ayrılacaqdır.
Xarici borc və beynəlxalq təşkilatlara üzvlük haqqı xərclərinə 8,3 milyon manat və ya artımın 1,9 faizi həcmində vəsait nəzərdə tutulur ki, həmin vəsait də bir sıra beynəlxalq təşkilatlarla imzalanmış və ya imzalanması gözlənilən kredit sazişlərində Azərbaycan tərəfinin pay iştirakına sərf ediləcəkdir. Bu layihələrin sırasında Dünya Bankı ilə səhiyyə və məhkəmə sektorlarında, islahat layihəsi, kənd təsərrüfatının inkişafı və kreditləşməsi layihəsi, Asiya İnkişaf Bankı ilə Cənub Avtomobil Yolu layihəsi, məcburi köçkünlər üçün sosial infrastruktur layihəsi, Çexiya İxrac Kredit Bankı tərəfindən maliyyələşən Azərbaycan-Rusiya Federasiyası dövlət sərhədi avtomobil yolunun yenidən qurulması layihələri daxildir. Artım üzrə nəzərdə tutulan xərclərin 15,8 milyon manatı və ya 3,7 faizi yeni yaradılmış Fövqəladə Hallar və Müdafiə Sənayesi nazirliklərinin saxlanılması, Daxili İşlər Nazirliyinin məlumat və proqram texniki təminatının təkmilləşdirilməsinə yönəldiləcəkdir. Dövlətin investisiya fəaliyyətinin genişləndirilməsi, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi ilə ölkə Prezidentinin prioritetləri sırasındadır. Bu məqsədlə əsaslı vəsait qoyuluşu 271,3 milyon manat artırılaraq 882,3 milyon manata çatdırılacaqdır. Bununla da dövlət büdcəsində əsaslı vəsait qoyuluşu xərclərinin xüsusi çəkisi 4,9 faiz artaraq 21,9 faiz olacaqdır.
Dövlət Neft Fondu hesabına maliyyələşən investisiya qoyuluşu da nəzərə alınarsa, 2006-cı ildə dövlətin investisiya xərcləri 1 milyard 320 milyon manat təşkil edəcəkdir. Bu vəsaitin 38,8 milyon manatı Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının yaradılmasına, baş verə biləcək təbii fəlakət və fövqəladə halların qarşısının alınmasına, mülki müdafiə tədbirlərinin həyata keçirilməsinə, dağ-mədən işlərində və tikintidə təhlükəsizliyin təmin edilməsinə, maşın və mexanizmlərin, o cümlədən xüsusi təyinatlı vertolyotların, hündür kranların, yanğınsöndürən avtomobillərin, laboratoriya və ekspertiza avadanlıqlarının alınmasına, 17,1 milyon manat vəsait ölkə sərhədlərinin daha etibarlı qorunması üçün maddi-texniki bazasının genişləndirilməsi və yenidən qurulmasına yönəldiləcəkdir.
Əsaslı vəsait qoyuluşu üzrə artımın 52, 1 milyon manatının yol infrastrukturunun, o cümlədən magistral, şəhərdaxili və kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulmasına, Bakı şəhərində körpülərin, yol ötürücülərinin və piyadalar üçün keçidlərin tikintisinə sərf ediləcəkdir. Ölkə başçısının regionlarda hava nəqliyyatı infrastrukturunun müasir tələblərə cavab verən səviyyəyə çatdırılması tapşırıqlarını yerinə yetirmək məqsədi ilə Lənkəran və Zaqatala hava limanlarının yenidən qurulmasına ilkin olaraq 22 milyon manat, yeraltı nəqliyyat şəbəkəsinin inkişaf etdirilməsi məqsədi ilə Bakı metropoliteninin şimal sahəsinin üçüncü növbəsinin tikintisinə 6 milyon manat vəsait ayrılacaqdır.
Təbii qaz sisteminin yenidən qurulması üçün 18,6 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikasının yaşayış məntəqələrinin qazlaşdırılmasının ikinci mərhələsi üçün 15,5 milyon manat, Lerik və Yardımlı rayonlarının qazlaşdırılması üçün 3,1 milyon manat vəsait nəzərdə tutulur. Regionlarda melerativ tədbirlərin görülməsi, subartezian quyularının qazılması, su və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisi, istilik təchizat sisteminin təmir və bərpa işləri üçün 23,3 milyon manat vəsait ayrılacaqdır. Bu layihələr sırasında Şəmkir su kanalının ikinci növbəsinin tikintisini, Xanbulaqçay su anbarının bərpasının, Quba, Xaçmaz, Dəvəçi, Şamaxı, Lənkəran, Yardımlı, Xanlar və digər yaşayış məntəqələrində içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması və tikintisini göstərmək olar.
Sosial yönlü obyektlərin tikintisi və yenidən qurulmasına 19,3 milyon manat, o cümlədən talassemiya mərkəzinin tikintisinə, klinik tibb mərkəzinin təmir və bərpa işlərinə, Nizami Gəncəvi adına Azərbaycan Ədəbiyyatı Muzeyinin yenidənqurma və bərpa işlərinə, Astara, Ağstafa, Masallı, Saatlı rayonlarında əlil və şəhid ailələrinə yaşayış evlərinin, Ağdam və Bərdə rayonlarında məktəblərin tikintisinə əlavə vəsait ayrılacaqdır. Dövlət investisiya xərcləri üzrə sadaladığım tədbirlər bu məqsədlə büdcədə nəzərdə tutulan tədbirlərin yalnız bir qismini özündə birləşdirmişdir. Göründüyü kimi, ölkədə investisiya fəallığının gücləndirilməsi və onun uzun müddət prioritet istiqamət kimi qalmasında dövlət büdcəsinin rolu gündən-günə artmaqdadır.
“Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununun 6-cı maddəsinin tələbləri gözlənilməklə nəzərdə tutulan büdcə artımının 3,5 faizi və ya 15 milyon manatı Azərbaycan Respublikası Prezidentinin ehtiyat fonduna ayrılacaqdır. Onu da nəzərinizə çatdırmaq istərdim ki, ilin əvvəlindən Prezidentin ehtiyat fondundan artıq 30 milyon manat ayrılmışdır, bunun da 26 milyon manatı Bakı şəhərinin ətraf qəsəbələrinin təhsil, səhiyyə, mədəniyyət, nəqliyyat, su və qaz təminatı infrastrukturlarının yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə, 4 milyon manatı isə 1941-1945-ci illər müharibəsi iştirakçılarına, onların dul arvadlarına, arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif olunmuş şəxslərə birdəfəlik maddi yardım edilməsinə yönəldilmişdir.
İqtisadi təsnifat üzrə 2006-cı il dürüstləşdirilmiş dövlət büdcəsi xərclərinin 66,6 milyon manatı və ya 15,5 faizi əməyin ödənişi fonduna, 10,9 milyon manatı və ya 2,5 faizi nəqliyyat xidməti haqqının ödənilməsinə, 4,6 milyon manatı və ya 1,1 faizi kommunal xidmətləri artımının ödənilməsinə, 28,5 milyon və ya 6,6 faizi inventar və avadanlığın alınmasına, 6,8 milyon manatı və ya 1,6 faizi əsas borc və faizlərin ödənilməsinə, 274 milyon manatı və ya 63,8 faizi əsaslı xərclərə, 38,3 milyon manatı və ya 8,9 faizi digər xərc maddələrinə sərf ediləcəkdir.
Naxçıvan Muxtar Respublikasının büdcəsi də daxil olmaqla yerli gəlirlərin 22,5 milyon manat və ya 9,6 faiz, yerli xərclərin 51,2 milyon manat və ya 7,5 faiz, mərkəzləşdirilmiş xərclərdən verilən dotasiyanın 28,7 milyon manat və ya 6,5 faiz artırılması nəzərdə tutulur. Yerli xərcləri tənzimləmək üçün verilən dotasiyanın nominal artımına baxmayaraq təsdiq olunmuş büdcəyə nisbətən onun xüsusi çəkisi 0,7 faiz azalaraq 65 faiz təşkil edəcəkdir. Yerli xərclər üzrə artımlar dövlət büdcəsinin xərcləri üzrə ümumi artımın 11,9 faizi həcmində olacaqdır. Dövlət büdcəsinin xərcləri üzrə artımın maliyyə mənbəyi ümumi daxili məhsulun ilkin proqnozlaşdırılan səviyyədən daha yüksək olması, habelə ölkənin təsərrüfat subyektlərinin xarici iqtisadi fəaliyyətinin genişləndirilməsi ilə bağlı əldə ediləcək əlavə gəlirlər olacaqdır. Bu əlavə gəlirlərin aşağıdakı mənbələr hesabına təmin edilməsi nəzərdə tutulur. Vergilər Nazirliyi 391 milyon manat, o cümlədən hüquqi şəxslərin mənfəət vergisi 321 milyon manat, əlavə dəyər vergisi 35 milyon manat, aksizlər 35 milyon manatdır. Dövlət Gömrük Komitəsi 28 milyon manat, o cümlədən ölkəyə gətirilən mallara görə əlavə dəyər vergisi 18 milyon manat, aksizlər 2 milyon manat, gömrük rüsumları 8 milyon manat, dövlət büdcəsindən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri üzrə daxilolmalar 11,5 milyon manatdır.
Artımlardan sonra dövlət büdcəsinə Vergilər Nazirliyi tərəfindən təmin edilən gəlirlər 2 milyard 621 milyon manat, Dövlət Gömrük Komitəsi tərəfindən təmin edilən gəlirlər 505,4 milyon manat təşkil edəcəkdir ki, bu da 2006-cı ilin təsdiq olunmuş göstəricilərinə nisbətən müvafiq olaraq 17,5 və 5,9 faiz çoxdur. İcmal büdcənin gəlirləri üzrə artımın 72,8 faizi və ya 430,5 milyon manatı dövlət büdcəsinin, 7,8 faizi və ya 46,2 milyon manatı Dövlət Neft Fondunun gəlirləri, 1,9 faizi və ya 11,4 milyon manatı Dövlət Sosial Müdafiə Fondunun gəlirləri, 17,5 faizi və ya 103,1 milyon manatı enerji sektoruna ediləcək dolayı subsidiya hesabına formalaşacaqdır.
Dövlət Neft Fondu üzrə xərclərin 72 milyon manatı Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərində Azərbaycan Respublikasının iştirak payının maliyyələşdirilməsinə yönəldiləcəkdir. Dövlət Sosial Müdafiə Fondu üzrə xərclər, əsasən, əmək pensiyalarının baza hissəsinin artırılmasına, əmək xəsarəti üzrə ödənişlərə, pensiya islahatları üzrə layihələrdə Azərbaycan tərəfinin pay iştirakına sərf ediləcəkdir. Bildiyiniz kimi, bu sahəyə də möhtərəm Prezidentimizin xüsusi diqqəti var. Enerji sektoruna edilən dolayı subsidiyanın artımının əsas səbəbi 2006-cı ildə ölkəyə idxal olunacaq qazın alış qiymətinin 60 ABŞ dollarından 110 ABŞ dollarına kimi qalxması ilə bağlı olmuşdur. İcmal büdcənin kəsiri 356,2 milyon manat və ya ümumi daxili məhsula nisbətən 2,1 faiz olacaqdır ki, bu da təsdiq olunmuş göstəricilərə nisbətən 0,1 faiz azdır. Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan icmal büdcənin kəsirinin yuxarı xətti 1 milyard 375 milyon manat olmaqla gözlənilən ümumi daxili məhsulda xüsusi çəkisi 0,9 faiz azalaraq 7 faiz təşkil edəcəkdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Çıxışımın sonunda sizi əmin etmək istərdim ki, ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən təqdim olunmuş cari ilin dövlət büdcəsinin dürüstləşməsinə dair qanun layihəsi son illərdə əldə olunmuş nailiyyətlərə əsaslanan inkişaf proqramının tərkib hissəsi kimi bugünkü dinamik inkişafa yeni təkan verəcək bir sənəddir. Eyni zamanda, bu qanun növbəti il və ortamüddətli dövrün inkişaf strategiyası üçün təkmil bazanın yaradılmasına imkan yaradır. Qeyd olunanları nəzərə alaraq bu qanunun qəbul olunmasının dəstəklənməsini sizdən xahiş edirəm.
Fürsətdən istifadə edərək bütün millət vəkillərini, Milli Məclis Aparatı işçilərini və bugünkü iclasda iştirak edən bütün şəxsləri qarşıdan gələn 28 May Respublika günü münasibəti ilə təbrik edir, hamınıza uzun ömür, can sağlığı və dövlətimizin inkişafı yolunda uğurlar arzulayıram! Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Samir müəllim. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümova söz verilir.
S. Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2001-ci ilin 17 iyulunda ümummilli liderimiz Heydər Əliyevin təsdiq etdiyi Azərbaycan Respublikasında pensiya islahatları konsepsiyasının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılması nəticəsində ölkəmizdə dövlət sosial sığorta sisteminin idarə olunmasının təkmilləşdirilməsi və sosial sığorta münasibətlərinə əsaslanan pensiya sisteminin yaradılması istiqamətində mühüm tədbirlər həyata keçirilmiş, sosial sığorta haqlarının yığılması, sığorta olunanların fərdi uçotunun işlənilməsi, pensiya və pensiyalara əlavə olunan müavinətlərin təyin edilməsi, maliyyələşdirilməsi və ödənişinə nəzarət vahid icra orqanında cəmləşdirilmişdir.
2006-cı ildən fəaliyyətdə olan yeni pensiya sistemi islahat konsepsiyasının məqsəd və prinsiplərini özündə ifadə etməklə köhnə, öz mahiyyəti ilə sovet sosialist müdafiə sistemindən ciddi fərqlənməyən və bazar iqtisadiyyatı prinsipləri ilə ziddiyyət təşkil edən, pensiyaların hesablanmasında ödənilmiş sosialist sığorta haqlarının nəzərə alınmasını təmin etməyən, pensiyalara əlavə olunan çoxsaylı müavinətlər və güzəştlərlə ifadə olunan pensiya sistemini tamamilə dəyişdirmişdir. Bu sistemə keçid 2006-cı ilin 1 yanvarınadək pensiyaya çıxmış vətəndaşların pensiya və müavinətlərinin ümumi məbləğində heç bir azalmaya yol verməmiş, əksinə, eyni sistemin üstünlüklərinin həmin şəxslərə də şamil olunmasına şərait yaratmışdır.
Eyni zamanda, 2006-cı ilin 1 yanvarınadək sosial sığorta ilə əhatə olunmuş və hazırda işləməkdə davam edən şəxslərin də qazanılmış pensiya hüquqları nəzərə alınmışdır. Yeni sistemə keçidlə bağlı Dövlət Sosial Müdafiə Fondunda çox böyük həcmli iş yerinə yetirilmişdir. 179 min 900 nəfər keçmiş sosial pensiya alanların və 35 min 500 nəfər pensiyaçı olmaqla müavinət alanların müvafiq sənədləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yerli orqanlarına təhvil verilmişdir. 1 milyon 180 min əmək pensiyalarının yeni sistemə uyğun şərti çevrilməsi aparılmış, onların hər birinə yeni əmək pensiyası dosyeləri yaradılmışdır. Həmin prosesdə 19 min 85 nəfər I qrup əlilin, o cümlədən 3 min 956 nəfər I qrup gözdən əlilin, 33 nəfər şəhid olmuş və ya sonralar vəfat etmiş Azərbaycan Respublikasının Milli qəhrəmanlarının ailə üzvlərinin, 14 min 342 nəfər şəhid ailəsi üzvlərinin, 6573 nəfər döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarının, 3869 nəfər yaşa görə pensiya alan müharibə əlillərinin, 85796 nəfər I və II qrup əlil pensiyaçılarının öhdəsində olan əmək qabiliyyəti olmayan ailə üzvlərinin, 1904 nəfər siyasi repressiyaya məruz qalmış şəxslərin, 22772 nəfər III qrup pensiyaçıların və 102765 nəfər işləyən pensiyaçıların pensiyalarına yeni sistemə keçidlə bağlı artımlar edilmişdir ki, bunun da aylıq məbləği birinci rübdə 1,2 milyon yeni Azərbaycan manatı olmuşdur.
Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 30 may tarixli pensiyalarının baza hissəsinin artırılması barədə fərmanının icrası ilə bağlı bütün pensiya işlərinə yenidən baxılmış və qanunvericiliyə uyğun artımlar edilmişdir. Nəticədə əgər 2005-ci ilin dekabrında respublika üzrə əmək pensiyalarının maliyyələşdirilməsi üzrə tələbat 35,6 milyon manat təşkil edirdisə, yanvar ayında bu, 36,8 milyon manat, aprel ayında isə 44,3 milyon manat və ya keçən ilin dekabr ayına nisbətən 24,4 faiz çox təşkil etmişdir. Aparılmış aktual hesablamalarımıza görə yaxın 2-3 il ərzində əmək pensiyasının baza hissəsinin pensiyaçılar üzrə yaşayış minimumu həddinə çatdırılması təmin ediləcək, sonrakı 7-9 il ərzində isə sığorta pensiya sisteminin maliyyələşdirilməsinə dövlət transferlərinin minimuma qədər azaldılması təmin olunacaq və məcburi dövlət, həmçinin könüllü sosial sığorta vəsaitləri, eləcə də digər daxilolmaların hesabına özü-özünü maliyyələşdirəcəkdir. Sığorta münasibətləri əsasında dinamik inkişaf edəcək və ölkədə aktiv investisiya mənbəyi rol oynayacaq, sığorta pensiya sistemi formalaşdırılacaqdır. Yaranan maliyyə imkanları hesabına pensiyaların minimum, yəni baza hissəsi mərhələlərlə ölkə üzrə pensiyaçılar üçün yaşayış minimumu səviyyəsinə yüksəldiləcəkdir.
Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcə layihəsi əhalinin pensiya təminatının 2006-cı ildən yeni əsaslarla təşkilini nəzərdə tutan sığorta pensiya sisteminə uyğun tərtib olunmuş və 2006-cı ilin keçmiş dövrü ərzində yeni sistemin tətbiqi ilə bağlı qarşıya çıxmış bir sıra məsələlərin həllini nəzərdə tutmuşdur. 2006-cı il üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş gəlirləri 589,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş gəlirlər proqnozuna nisbətən 22,2 milyon manat və ya 3,7 faiz çoxdur. Artımın əsas səbəbi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əmək haqlarının artırılması, eləcə də fərdi uçot sisteminin tətbiqi ilə bağlı qeydiyyata düşən sığorta olunanların sayının çoxalması ilə bağlıdır. Buna görə də Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcəsinin gəlirlərinin artımının tam məbləğdə məcburi dövlət sosial sığorta haqları hesabına formalaşdırılması proqnozlaşdırılır.
Məcburi dövlət sosial sığorta haqları hesabına daxilolmaların artımının 11,2 milyon manatı və ya 52,9 faizi büdcə sektorunun, 10 milyon manatı və ya 47,1 faizi qeyri-büdcə sektorunun payına düşür. Büdcə gəlirlərinin artımı ilkin büdcədə əhatə oluna bilməmiş bəzi problemlərin həllinə imkan vermişdir ki, bu da Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərclər hissəsinin dürüstləşməsində öz əksini tapmışdır. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il üçün dürüstləşdirilmiş büdcəsinin xərcləri 589,5 milyon manat proqnozlaşdırılır ki, bu da təsdiq olunan xərclər proqnozuna nisbətən 21,2 milyon manat və ya 3,7 faiz çoxdur. Xərclər artımının 85,4 faizini və ya 18,1 milyon manatını əhaliyə ödənişlər təşkil edir ki, bunun da 96,5 faizi əmək pensiyaları, 3,5 faizi isə müavinətlər üzrə ödəniş xərcləridir.
Əmək pensiyaları üzrə artımın tam məbləğdə pensiyanın baza hissəsinin maliyyələşdirilməsinə yönəldilməsi nəzərdə tutulub. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu müzakirə olunarkən sosial pensiyaçılara bərabər tutulan şəxslərin gələcək təyinatı böyük suallar doğururdu. Qeyd edilən şəxslərin əmək pensiyası hüquqları olmasa da, onlara vaxtı ilə sosial pensiyaçılara bərabər tutulmaqla əmək pensiyalarının minimum həddində pensiya verilirdi. Diqqətinizə çatdırmaq istəyirəm ki, bu qəbildən olan şəxslər dedikdə, sülh dövründə orduda xidmət edən və bu zaman müəyyən səbəblər üzündən əlil olan şəxslər başa düşülür. Həmin şəxslərə pensiya təyin edilən zaman onların müvafiq sosial sığorta stajı olmadığına görə bu şəxslərə “sosial pensiyaçıya bərabər tutulan” adı verilməklə əmək pensiyalarının minimum məbləğində pensiya təyin olunurdu. Ona görə də “Əmək pensiyaları haqqında” Qanun müzakirə olunarkən belə bir qərar qəbul olundu ki, 2006-cı ilin 1 yanvarına qədər belə adlanan və əmək pensiyalarının minimum məbləğini alan şəxslərə əmək pensiyaçısı statusu verilməklə 2006-cı ildən sonra da onlara əmək pensiyalarının baza hissəsi verilməkdə davam edilsin. Həmin şəxslərin təqribi sayı 3 mindir. Bu şəxslərə 2006-cı ilin 12 ayı ərzində əmək pensiyalarının baza hissəsi qədər pensiya verilməsi nəzərdə tutulur. Bunun maliyyələşdirilməsi üçün qeyd etdiyimiz artım Dövlət Sosial Müdafiə Fondunun dürüstləşdirilmiş büdcəsində öz əksini tapmışdır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-cü il 9 yanvar tarixli 3 saylı qərarı ilə təsdiq edilmiş istehsalat qəzası və yaxud peşə xəstəliyi nəticəsində sağlamlığı pozulmuş işçiyə və ya bu səbəbdən həlak olmuş işçinin ailə üzvlərinə ödənişlərin verilməsi qaydaları, şərtləri və məbləğinin 3.7 və 3.8-ci bəndlərinə müvafiq olaraq yalnız hüquqi varisi olmayan ləğv olunmuş təqsirkar kolxoz və sovxozlarda, eləcə də Ermənistan Respublikasının müəssisələrində baş vermiş istehsalat qəzalarının nəticəsində əmək xəsarəti alan zərərçəkənlərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına zərərə görə ödənişin verilməsi müəyyənləşdirilmişdir. Lakin “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək zədəsi almış və peşə xəstəliyinə tutulmuş işçilərə ödənilən müavinətlər sosial sığorta üzrə ödəmələrin növlərinə daxil deyildir və bu hallar məcburi dövlət sosial sığortası hesab olunmur.
2006-cı ildən tətbiq olunacağı nəzərdə tutulan fərdi uçota əsaslanan sığorta pensiya sistemində isə sığorta ödənilən tərəfindən ödəniləcək məcburi dövlət sığorta haqları konkret olaraq sığorta olunanların gələcək pensiya ödənişlərinə yönəldiləcəkdir. Yeni sistemdə sığorta olunanların hesablarında toplanmış məcburi dövlət sığorta haqlarının digər təyinatlara sərf olunması mümkünsüzdür. Göstərilənləri nəzərə alaraq bu ödənişlərlə bağlı problemin köklü şəkildə həlli məqsədi ilə istehsalat qəzası və ya peşə xəstəliyi nəticəsində sağlamlığa dəyə biləcək xəsarətlərdən məcburi sığortalanma sisteminin tətbiqi və bunun üçün müvafiq qanunvericilik bazasının yaradılması hökumət tərəfindən məqsədəuyğun hesab edilmişdir. Məsələ ilə bağlı artıq qanunvericilik aktlarının layihələri hazırlanmış, ilkin müzakirələrdən keçmişdir. 2006-cı il ərzində həmin layihələr, yəqin ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən baxılaraq Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim olunacaqdır.
Keçən dövr, yəni keçən 5 ay ərzində məsələnin 2006-cı ildə həllinin real olmadığını, eyni zamanda, bu kateqoriyadan olan zərərçəkənlərin ağır maliyyə vəziyyətini nəzərə alaraq, habelə sosial gərginliyin yaradılmaması məqsədi ilə bunun üçün müvafiq qanunvericilik bazası yaradılanadək hüquqi varisi olmayan ləğv olunmuş təqsirkar kolxoz və sovxozlarda, eləcə də Ermənistan Respublikasının müəssisələrində baş vermiş istehsalat qəzaları nəticəsində əmək xəsarəti alan zərərçəkənlərə Dövlət Sosial Müdafiə Fondunun vəsaiti hesabına zərərə görə ödənişin verilməsi müəyyənləşdirilmiş və bunun üçün müvafiq vəsaitlər bizim dürüstləşdirilmiş büdcəmizdə nəzərə alınmışdır. Dürüstləşdirilmiş xərclərin artımının 594 min manatı əlillərin sosial müdafiəsi tədbirlərinin həyata keçirilməsi və əlillərin sosial müdafiəsi orqanlarının saxlanılmasına yönəldilmişdir.
Xərclərin artımı Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramında əlillərin sosial müdafiəsi üzrə nəzərdə tutulmuş tədbirlərin 2006-cı ilə düşən hissəsinin tam əhatə olunması ilə bağlıdır. Dürüstləşdirilmiş xərclərin artımının 1 milyon manatı Dövlət Sosial Müdafiə Fondu orqanlarının saxlanılması xərclərinə yönəldilmişdir. Bu vəsaitlər dövlət qulluğuna keçidlə bağlı tələb olunan əlavə əmək haqqı xərclərinin bağlanmasına, yeni pensiya sisteminin tətbiqi ilə bağlı müəyyən olunmuş tələblərə cavab verən maddi-texniki bazanın yaradılmasına və lazımi avadanlığın alınmasına yönəldiləcəkdir. Sığorta olunanların fərdi uçot sisteminin tətbiqi üzrə xərclərin artımı, yəni 370 min manat pensiya islahatları layihəsində Azərbaycan tərəfinin payının maliyyələşməsinə yönəldiləcəkdir. Pensiya islahatları üzrə digər layihələrdə Azərbaycan tərəfinin payının maliyyələşdirilməsi və Azərbaycan Respublikası hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi arasında imzalanmış milli sosial müdafiə sisteminin inkişafı ilə milli məşğulluq konsepsiyası nəzərdə tutulmuş fəaliyyətlərin həyata keçirilməsi layihəsi üzrə Azərbaycan hökuməti tərəfindən 2004-2005-ci illər ərzində ayrılan vəsaitin 5 faizi həcmində borc qalığının bağlanılması məqsədi ilə dürüstləşdirilmiş büdcədə əlavə olaraq 1 milyon 141 min manat vəsait proqnozlaşdırılmışdır.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə qeyd etdiyimiz dəyişikliklərin olunması ölkəmizdə aztəminatlı əhalinin sosial müdafiəsinin gücləndirilməsi, onların cəmiyyətin mühüm problemlərinin həllində fəal rol oynamaqla həyata keçirilən islahatları daha aktiv dəstəkləməsinə stimul yaradacaqdır. Bunu nəzərə alaraq təklif olunan qanun layihəsinə dəstək verməyi sizdən xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Keçirik müzakirələrə. İki məsələni birgə müzakirə edirik. Səsvermə isə ayrı olacaq. İki məsələ müzakirə olunduğuna görə məhdudiyyət qoymayaq. Ola bilər, kimsə iki məsələyə birdən münasibət bildirsin.
Elton Məmmədov. Xahiş edərdim, yığcam danışasınız. Gələn həftə axırıncı iclasımız olacaq. Bəzi məsələlər qalıb, həmin məsələlərə baxmalıyıq. Buyurun, Elton müəllim.
E. Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikası Konstitusiyasının 96-cı maddəsinə uyğun olaraq möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən Milli Məclisin müzakirəsinə təqdim edilmiş bu qanun layihələri Azərbaycanın bugünkü iqtisadi inkişaf durumundan və sosial-iqtisadi  tərəqqi konsepsiyasından irəli gələn təkliflərə əsaslanaraq hazırlanmışdır. Nazirlər Kabinetinin 2005-ci ilin və bu ilin I rübünün yekunlarına həsr edilmiş geniş iclaslarında cənab Prezident həmin müddət ərzində əldə olunan sosial-iqtisadi uğurların 2006-cı ilin dövlət büdcəsinə müsbət dəyişikliklər edəcəyini əminliklə söyləmiş və müzakirə etdiyimiz qanun layihələri həmin ehtimalların bariz nümunəsidir.
Təklif olunan qanun layihəsinə əsasən 2006-cı ilin təsdiqlənmiş gəlirləri və xərcləri 430,5 milyon manat civarında artırılır. Büdcəyə düzəlişdən sonra bu gəlirlər 4 milyard manatdan çox olacaqdır. Büdcə artımının böyük hissəsi əsaslı vəsait qoyuluşuna yönəldilmişdir. Bu bir daha dövlət başçısının büdcənin investisiya yönlü olmasına diqqət yetirməsini, yeni istehsalat sahələrinin, iş yerlərinin yaradılmasına mühüm önəm verməsini göstərir. Dövlət büdcəsinə əlavənin digər bir hissəsi hökumətin xüsusi diqqət yetirdiyi müdafiə sahəsinə, ordu quruculuğuna ayrılmışdır. İndi bu ayırmalar da nəzərə alınmaqla müdafiə xərcləri 642 milyon manat təşkil edəcəkdir. Sonrakı böyük həcmli ayırmalar, əlavələr səhiyyə sektoruna, təhsil sahəsinə yönəldilmişdir ki, bunlar da dövlətin bu vacib sahələrə diqqətindən irəli gəlir.
Məlum olduğu kimi, nəqliyyat sektoru uğurla inkişaf edir, yeni-yeni obyektlər istifadəyə verilir, yol infrastrukturu tam yenidən qurulur, xüsusi ilə avtomobil yolları Avropa standartlarına uyğun inşa edilir. Bu məqsədlə beynəlxalq maliyyə qurumlarının, xarici dövlətin kreditləri, vəsaitləri güzəştli şərtlərlə sahənin yenidən qurulmasına cəlb edilir. Qanun layihəsinə əsasən Bakı metropoliteninə verilən subsidiyaların həcmi 2, 5 milyon artırılacaqdır. Zənnimcə, müzakirə etdiyimiz qanun layihəsinin qəbulu nəticəsində digər sahələrlə yanaşı, avtomobil yollarının da əsaslı təmiri üçün əvvəl nəzərdə tutulmuş büdcə vəsaitinin artırılması təqdirəlayiq hal kimi qiymətləndirilməlidir.
Yeri gəlmişkən, hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, keçən iclasda, yəni mayın 23-də həmkarım Pənah Hüseyn Babək prospekti ilə Məhəmməd Hadi küçəsinin kəsişməsində inşa edilən yeni körpünün layihə-smeta dəyərinin əsassız olaraq 16 milyon müəyyən edildiyini burada səsləndirmişdi. Hörmətli həmkarıma və bu fikirdə olan insanlara hüquqi normativ sənədlər əsasında bəyan etmək istəyirəm ki, həmin layihənin birinci, icrasına hökumət, ikinci, çox nüfuzlu xarici şirkətlər nəzarət edir. Həmin layihənin ümumi maya dəyəri 6 milyon manatdır, ƏDV ilə birgə 7 milyon 200-dür. Ona görə belə populist çıxışlar edən zaman, xahiş edirəm ki, həmkarlarım normativ hüquqi sənədlərə əsaslansınlar.
Bu gün hökumətin həyata keçirdiyi milli layihələrimiz yüksək dövlətçilik təcrübəsinə malik dövlət başçısı tərəfindən çox uğurla həyata keçirilir. Bunlar AXCP dövründə olduğu kimi, Hökumət evi ilə üzbəüz eldar şamının altında yox, Nazirlər Kabinetində təsdiq edilir ki, bu layihələr dövlətimizin, ümumən, uğuruna gətirib çıxarır. Məlum olduğu kimi, hökumətin müvafiq qurumları artıq 2007-ci ilin dövlət büdcəsi layihəsinin hazırlığını aparır. Bu gün qəbul edəcəyimiz əlavələr gələn ilin büdcə layihəsinin daha mükəmməl və əsaslı işləməsinə yardım edəcəkdir. Başqa sözlə, 2007-ci ilin büdcə layihəsi artıq 2006-cı ilin dövlət büdcəsinin yeniləşmiş göstəriciləri əsasında hazırlanacaqdır. Gələn ilin büdcə gəlirlərinin konturları göstərir ki, büdcənin builki artım tempi saxlanılacaq və yeni artımlara nail olunacaq.
Fürsətdən istifadə edib ərazisindən deputat seçildiyim Ucar rayonunda da büdcə xərclərinin 235,4 min manat artırılmasının nəzərdə tutulması ilə əlaqədar rayonun bütün seçiciləri adından, şəxsən öz adımdan möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və hökumət üzvlərinə dərin minnətdarlığımı bildirirəm.
Çıxışımın sonunda bir daha qeyd etmək istərdim ki, müzakirə etdiyimiz qanun layihəsi ilə bağlı 2006-cı ilin büdcəsinə ediləcək əlavə və dəyişikliklər ətraflı və əsaslı hazırlanmışdır. Odur ki, qanun layihəsinin möhtərəm Prezident tərəfindən təklif olunan şəkildə qəbul edilməsinə tərəfdar olduğumu bildirirəm və hörmətli həmkarlarımı müəyyən müzakirədən sonra buna səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, Oqtay müəllim. Artıq xoş bir ənənə halını alıb ki, hər ilin may-iyun aylarında parlamentimiz cari ilin büdcəsini yenidən nəzərdən keçirir və onun artımına doğru edilən təklifləri bəyənir. Bu, ilk növbədə ölkə Prezidenti cənab İlham Əliyevin bəyan etdiyi iqtisadi inkişaf templərini sürətləndirmək strategiyasının özünü tam doğrultması nəticəsində mümkün olub. Ölkə dinamik inkişafdadır və ahəngdar iqtisadi artım daim təmin edilir. Bunun nəticəsində ildən-ilə qəbul edilmiş dövlət büdcəsini artırmaq və artımı ilk növbədə ölkənin müdafiə və təhlükəsizliyinin gücləndirilməsinə, əhalinin aztəminatlı təbəqələrinin maddi təminatının yaxşılaşdırılmasına, əmək haqlarının artımına, regionların, qeyri-neft sektorunun inkişafına, ayrı-ayrı sahələr üzrə maddi-texniki təminatın yaxşılaşdırılmasına xərc çəkmək mümkün olur.
Bizə təklif edilən qanun layihəsində ilk növbədə bunlar nəzərə alındığına və bütün bunlar ölkənin inkişafına, tərəqqisinə şərait yaratdığına görə buna səs verəcəyəm və müdafiə edirəm. Bununla belə, qanun layihəsinə müəyyən təkliflərimi etmək istərdim.
Çox xoş bir haldır ki, inkişafımızın mərkəzi artıq pay-
taxtdan regionlara keçmişdir və hər bir regionun spesifikası nəzərə alınmaqla orada sosial-iqtisadi inkişafı təmin etmək mümkün olur. Seçicilərimizlə görüşdə onların qaldırdıqları problemi hökumət səviyyəsində qaldırıb onun həllinə nail olmaq, eyni zamanda, artımı seçicilərin həyat tərzində, regionların inkişafında görmək olar. Ona görə də bu inkişaf istiqamətini daim diqqətdə saxlamağı, regionların spesifikasını nəzərə almağı xahiş edərdim. Məsələn, seçildiyim Mingəçevir şəhərinin torpaq ehtiyatı az olduğuna görə xırda və orta sahibkarlığı çox da artırmaq mümkün deyil. Sovet dönəmində burada ona qədər böyük sənaye müəssisəsi var idi ki, bunlar tabeçiliyə görə ittifaq əhəmiyyətli nazirliklərə tabe idilər. Hal-hazırda onların böyük investisiyalara ehtiyacı var. Bu müəssisələrə investisiya cəlb etməklə həm şəhərin iqtisadi inkişafını təmin etmək, həm də əhalinin işlə təminatına şərait yaratmaq olar. Ona görə də mən İqtisadi İnkişaf Nazirliyindən və Maliyyə Nazirliyindən Mingəçevir şəhərində bu gün az fəaliyyət göstərən müəssisələrə investisiya cəlb edilməsində təkliflərin araşdırılmasını xahiş edərdim.
Regionların inkişafında yeni tutumlu və qadınların işləyə biləcəyi müəssisələrin yaradılmasına böyük ehtiyac vardır. Bir qayda olaraq yaradılan müəssisələrdə kişi əməyinə, eyni zamanda, çox da böyük ixtisaslaşma tələb olunmayan işçi qüvvəsinə ehtiyac vardır. Ancaq gənclərimiz ali məktəbləri bitirdikdən sonra öz doğma şəhər və kəndlərində ixtisaslarına uyğun iş tapılmasında çətinlik çəkirlər. Buna görə də regionlarda elmi müəssisələrin yaradılmasına üstünlük verilməsini təklif edərdim. Həmçinin gənclərin regionlarda qalmasına və regionlarda öz potensialının açılması üçün onların mənzil şəraitinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirilməsini təklif edərdim. Bunun üçün “İpoteka haqqında” Qanuna xüsusi dəyişiklik edilməsi və regionlarda mənzil tikintisi üçün gənclərə ipoteka verilməsində xeyli güzəştlərin edilməsini məqsədəuyğun hesab edirəm.
Sahibkarlığın inkişafının diqqət mərkəzində saxlanması çox təqdirəlayiq haldır. Ümumi daxili məhsulda özəl sektorun həcmi durmadan artır. Ancaq sahibkarlığın inkişaf etdirilməsi üçün ona yardım mənbələrinin sayını artırmağa çox böyük ehtiyac vardır. Hesab edirəm ki, bu gün Dövlət Neft Fondunda olan vəsaitlərin bir hissəsini düşünülmüş şəkildə sahibkarlığın inkişafı üçün və ipoteka hərəkətinin artması üçün istifadə etmək olar. Bunun mexanizmini və formasını düşünmək üçün mütəxəssislər öz təkliflərini verə bilərlər. İqtisadiyyatımızın inkişafı üçün xaricdə yaşayan imkanlı azərbaycanlıların imkanlarından istifadə etməyə yenə də böyük ehtiyac vardır. Bu həm xaricdə yaşayan azərbaycanlıların öz doğma vətənlərinə bağlılığına, həm də onların iqtisadi imkanlarından Azərbaycan iqtisadiyyatının inkişafında əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasında istifadə etmək olar. Bunun üçün xüsusi dövlət proqramının qəbul edilməsini təklif edirəm.
Büdcə təşkilatlarında çalışan insanların əmək haqqının aşağı olması seçicilər ilə görüşdə tez-tez bizə verilən suallardan biridir. Düzdür, demək olmaz ki, bu istiqamətdə heç bir iş görülmür. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin sərəncamları ilə vaxtaşırı büdcə təşkilatlarında çalışan ayrı-ayrı kateqoriyaların əmək haqları, minimum əmək haqqı, pensiyanın baza hissəsi daim durmadan artırılır və ildən-ilə biz bu artımı görürük. Orta əmək haqqının artımı ilk növbədə büdcə təşkilatlarında çalışanların da əmək haqqının artımına öz təsirini göstərir. Ancaq büdcə sahəsində çalışan müəyyən kateqoriyalı insanlar var ki, artımlara baxmayaraq yenə də onların əmək haqqı ölkədə ən aşağı əmək haqlarından biri olaraq qalır. Bunların içərisində təhsili, səhiyyəni, mədəniyyəti və daxili işlər orqanlarında çalışanların əmək haqqının bugünkü tələbata tam cavab vermədiyini xüsusi qabartmaq istəyirəm. Ona görə də bu məsələnin 2006-cı il dövlət büdcəsinin dürüstləşməsində, mümkün olmasa, gələn il üçün hazırlanan 2007-ci il dövlət büdcəsində xüsusi olaraq nəzərə alınmasını təklif edirəm. Ümumilikdə, 2006-cı ilin dövlət büdcəsinin dürüstləşdirilməsi barədə verilən təklifləri məqbul hesab edirəm və onlara səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, Azərbaycan hökumətinin çox hörmətli üzvləri və mətbuat nümayəndələri! Bu gün çox mütərəqqi bir hadisədir ki, biz Azərbaycan büdcəsinə əlavə daxil olmuş gəlirləri müzakirə edirik və onların təyinat üzrə xərclərini təsdiq edəcəyik. İstər ötən il, istərsə də bu il olsun, ilin ortasında belə bir müzakirənin keçirilməsi mütərəqqi hadisədir və bu istiqamətdə hökumətin gördüyü tədbirlər bizim tərəfimizdən bəyənilir. Bununla bərabər, mən təqdim olunmuş əlavə və təkliflərlə və sosial siyasətlə bağlı bəzi məsələləri hörmətli hökumət üzvlərinin və millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm.
İstər 2006-cı ilin büdcə layihəsində və istərsə də dəyişikliklərdə çox ciddi bir məsələ var. Mənə elə gəlir ki, bu, hökumət üzvlərinin diqqətini cəlb etməlidir. O da Bakı ilə regionların arasında olan münasibətdir. Büdcə daxilolmalarının 90 faizdən artığı Bakıdan daxil olur. Büdcə xərclərinin paylanmasına gəldikdə isə bir qayda olaraq bütün rayonlar, o cümlədən Gəncə, Əli Bayramlı kimi şəhərlər də daxil olmaqla büdcə xərclərində daxilolmalardan 2-3, bəzən 4 dəfə artıq xərclər nəzərdə tutulur. Hesab edirəm ki, bu çox ciddi məsələdir. Bu, əhalinin regionlardan şəhərə axınını stimullaşdırır və istər işçi qüvvəsinin nisbəti, istərsə də əhalinin yerləşməsi baxımından Azərbaycanın ərazisində disproporsiya yaradır. Ona görə mənə belə gəlir ki, regionların sosial-iqtisadi inkişafı ilə bağlı elan olunmuş proqrama uyğun daha çox regionlara, xüsusi ilə cəbhə bölgəsində olan regionlara diqqət vermək lazımdır.
İkinci ciddi məsələ istər büdcədə, istərsə də əlavələrdə tikintidən daxilolmaların cüzi olmasıdır. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Heç kəs üçün sirr deyil ki, Azərbaycanda tikinti sürətlə inkişaf edir. Tikinti sürətlə inkişaf etdiyi halda nə üçün tikintidən vergiyə daxilolmalar bu qədər azdır? Bunun səbəbini, xahiş edirəm ki, hökumət üzvləri açıqlasınlar. Məsələn, mətbuatda yazılar gedir ki, hökumət üzvlərimizin xeyli hissəsi tikinti sektorunu himayə edir və buna ya şərikdirlər, yaxud bunun iştirakçısıdırlar. Əlbəttə, belədirsə, buna mən pis baxmıram. Amma yenə də dövlətə daxil olacaq vergilər bilavasitə daxil olmalıdır. Hər halda tikintidən daxil olan vergilər cüzidir və bunun səbəbi tapılmalıdır.
Üçüncü ciddi məsələ əmək haqları ilə bağlıdır. Hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Dünyada bir təcrübə var. Bu təcrübə də ondan ibarətdir ki, minimum əmək haqqı, minimum pensiya minimum yaşayış həddinə bərabər olmalıdır. Çox təəssüflər olsun ki, bu istiqamətdə həmin proporsiyanı düzəltmək hələ ki, mümkün olmamışdır. Məlum olduğu kimi, bizdə minimum pensiya, minimum əmək haqqı 150 min manat götürüldüyü halda, Dövlət Statistika Komitəsinin məlumatına görə minimum yaşayış xərci 220 min manat, Həmkarlar İttifaqları Konfederasiyasının hesablamalarına görə 350 min manat həddindədir. Göründüyü kimi, bu və ya digər dərəcədə minimum yaşayış həddi ilə minimum təminatlar arasında 50 faizlə 110 faiz arasında fərq var. Bunu hökmən nəzərə almaq lazımdır. Əgər büdcəyə artıq vəsaitlər daxil olubsa, əhalinin aztəminatlı hissəsinin yaşayış səviyyəsinin qaldırılması, mənə belə gəlir ki, prioritet istiqamət kimi nəzərdə tutulmalıdır.
Mən həm deputat olduğum dairədə, həm də Bakı şəhərində müəllimlərin əmək haqları ilə maraqlananda məlum oldu ki, Bakı şəhərinin orta məktəblərində bir qayda olaraq müəllimlər 150 min manatla 300 min manat arasında əmək haqqı alırlar. Əlbəttə, bir sıra liseylərdə əmək haqları yuxarıdır. Sizi əmin etmək istəyirəm ki, belə əmək haqqına deyilən dərsin keyfiyyəti ola bilməz. Ona görə də hökumət əgər ölkəmizin gələcəyini düşünürsə, istər orta məktəb, istərsə də ali məktəb müəllimlərinin əmək haqlarının artırılması barədə fikirləşməlidir. Burada ümumi daxili məhsulun inkişaf sürəti qeyd olundu, çox gözəl rəqəmlərdir. Amma mən müqayisə üçün qeyd etmək istəyirəm ki, bu rəqəmlər Rusiya Federasiyasında yoxdur, amma Rusiya Federasiyasında ali məktəbdə çalışan elmlər doktoru bu gün 500 dollar həcmində əmək haqqı alır. Bu gün Azərbaycan ali təhsil və akademiya sistemində çalışan elmi işçilərin, elmlər doktorlarının, elmlər namizədlərinin əmək haqları 100 dollar ətrafında olan bir rəqəmdir. Düzdür, BDU kimi ali məktəblərdə və bir sıra ali məktəblərimizdə rektorların səyi nəticəsində əlavə yardımlar göstərilir, amma söhbət əmək haqqından gedirsə, əmək haqları 100 dollardan aşağıdır.
Fürsətdən istifadə edib bir sıra mühüm məsələlərə də diqqəti cəlb etmək istəyirəm. Büdcə artımının xərclərinin bölüşdürülməsində, əgər mümkün olsa, Maliyyə Nazirliyi bunu nəzərə alar. İlk növbədə bu, Oqtay müəllim, gözdən əlillər cəmiyyəti ilə bağlıdır. Mən bu istiqamətdə komissiya sədri Hadi müəllimlə də müzakirə aparmışam. Bu cəmiyyət bizim siyasi sistemimizdə qeyri-hökumət təşkilatı kimi gedir. Bunların vaxtı ilə işləyən müəssisələri, gəlir gətirən obyektləri var idi. Bu gün bunlar hamısı sıradan çıxıb və həmin cəmiyyət həddindən artıq çətin vəziyyətdə qalıb. Mən təklif edirəm, əgər hökumət uyğun bilərsə, mümkün bilərsə, gözdən əlillər cəmiyyətinin büdcə strukturuna keçirilməsi barədə düşünmək mümkündürsə, bunu etmək lazımdır. Bu, vətəndaşların həm vəziyyətinin yaxşılaşdırılmasına, həm dövlətimizin siyasətinin daha da humanistləşməsinə, həm də taleyin girdabına düşmüş həmin adamların vəziyyətinin yaxşılaşmasına gətirib çıxara bilər.
Ötən büdcədə də əmanətlərin qaytarılması barədə bir şey deyilmədi. Vaxtı ilə insanlar övladlarını müddətli sığorta ediblər. Əmanətlərin və bu sığortaların qaytarılması ilə bağlı hökumət üzvlərimizin dilindən müəyyən bir fikir səslənsəydi, ümid edirəm ki, həmin kateqoriyadan olan əhalinin sakitləşməsinə gətirib çıxara bilərdi.
Nəhayət, bizim Avropada, xüsusi ilə avro məkanında işləyən diplomatlarımızla bağlı məsələyə toxunmaq istəyirəm. Onlara əmək haqqı dollarla hesablanır, amma onlar həmin ölkələrdə avro ilə işləyirlər. Dollarla avronu müqayisə etsək, təxminən 2500 dollar 1800 avroya bərabər olur. Bu adamlar işlədikləri ölkələrdə Azərbaycan dövlətinin siyasətini həyata keçirmək üçün normal şəraitə malik olmalıdırlar. Ümid edirəm ki, Maliyyə Nazirliyi bu fərqi nəzərə ala və xaricdə işləyən vətəndaşlarımızın əmək haqlarının konversiya məsələsini həll edə bilər. Ümid edirəm ki, büdcədə dəyişikliklər istənilən formada əhalimizin aztəminatlı hissəsinin, vətəndaşlarımızın vəziyyətinin yaxşılaşmasına gətirib çıxaracaq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Cəmil müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Artıq etiraf olunmalıdır ki, Azərbaycanda son illər büdcənin artırılması ilə bağlı müzakirə gedir və biz bu müzakirələrdə əldə edilmiş artımın proporsiya üzrə ölkənin bütün sahələrinə istiqamətlənməsinin şahidi oluruq. Əlbəttə, bu, ölkə Prezidentinin və eyni zamanda, ölkə Prezidentinin iqtisadi, maliyyə, gömrük, vergi və digər sahələrdə çalışan komandasının gərgin əməyinin nəticəsidir və millət vəkilləri tərəfindən ümidvaram ki, yüksək dəyərləndirilir, qiymətləndirilir. Bu baxımdan onlara təşəkkürlər düşür. Mən ümidvaram ki, bu ənənə gələcəkdə davam edəcək və ölkənin iqtisadi inkişafı sürətlə genişləndiriləcək və həqiqətən, Azərbaycan regionun iqtisadi inkişaf cəhətdən bütün mənalarda lider dövlətinə və dünyanın inkişaf etmiş ölkəsinə çevrilmişdir. Artıq bu tendensiya var, bu istiqamət mövcuddur.
Ölkə Prezidentinin təqdim etmiş olduğu qanun layihələrindən büdcənin dürüstləşməsi ilə bağlı xərclərin bölgüsündə bütün vacib sahələr nəzərə alınmışdır. Hər şeydən əvvəl ölkənin müdafiə qabiliyyətinin, təhlükəsizlik sisteminin gücləndirilməsi, əhalinin aztəminatlı təbəqələrinin həyat şəraitinin yüksəldilməsi, regionların inkişafı, yeni-yeni iş sahələrinin açılması ilə bağlı məsələlər prioritet istiqamət kimi nəzərə alınmışdır. Bütün bunlarla bərabər mən çox arzulayardım ki, ölkənin müdafiə xərclərinə ayırmalar daha çox olsun.
Mən bildiyiniz məlum hadisəyə və məntiqə söykənməklə yanaşı, həm də onu əlavə etmək istərdim ki, Azərbaycan müharibə şəraitindədir. Nə qədər ki işğalçılar - Ermənistan silahlı qüvvələri Azərbaycandan çıxarılmayıbdır, Azərbaycanın müdafiə qabiliyyəti güclənməli, müdafiə sənayesi artmalı və Azərbaycan özünün müdafiə imkanlarına görə prosesə daha güclü təsir etmək imkanları qazanmalıdır. Bununla bağlı ölkə Prezidentinin müəyyən etmiş olduğu xətt çox düzgün xətdir. Mən bunu müdafiə edirəm, dəstəkləyirəm, alqışlayıram. Mənə belə gəlir ki, bundan sonrakı büdcə ayırmalarında ən azı büdcənin dörddə biri qədər, bəlkə də daha çox müdafiə xərclərinə vəsaitin ayrılması üzərində düşünməliyik. Əgər nəzərə alsaq ki, bu gün ölkə əhalisinin və Azərbaycan cəmiyyətinin bazar iqtisadiyyatının qanunlarına müvafiq olaraq büdcədən asılılığı getdikcə azalır, büdcədən maliyyələşən təşkilatların imkanları getdikcə artmağa başlayacaq, yəni onun büdcə üzərindəki yükü azalacaqdır. Deməli, gələcəkdə müdafiə xərclərinin artırılması son dərəcə vacib olardı. İstərdim ki, bu, gələcəkdə büdcəni formalaşdıran, onun üzərində işləyənlər tərəfindən nəzərə alınsın.
Eyni zamanda, zabitlərin, çavuşların əmək haqqının artırılmasına ciddi ehtiyac var. Hüquq mühafizə orqanlarının, xüsusi ilə daxili işlər orqanlarında çalışan zabitlərin, soydaşlarımızın əmək haqqının artırılmasına ehtiyac var. Mən də bununla razıyam ki, müəllimlərin və həkimlərin əmək haqqının artırılmasına ehtiyac var. Lakin hər şey büdcənin yaratmış olduğu imkanlar zəminində öz həllini tapmalıdır.
Bir məsələnin də üzərində dayanmağı vacib bilirəm. Bu gün Azərbaycanda ciddi maliyyə intizamı mümkündür. Lakin maliyyə intizamından yayınma halları da var. Biz çox istərdik ki, növbəti illərdə maliyyə intizamının pozulmasına qarşı xüsusi sədd, mövqe və iradə nümayiş etdirilsin.
Sonda belə bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Ötən iclasların birində hörmətli həmkarımız Pənah Hüseyn Məhəmməd Hadi ilə Babək küçəsinin kəsişdiyi yerdə körpü haqqında danışdı, Elton Məmmədov da burada söylədi. Mənə də çox təəccüblü gəldi ki, doğrudanmı körpünün biri 15 milyon dollara başa gələ bilər? Bununla bağlı mən də sorğu verdim və mənə də rəsmi şəkildə bildirdilər ki, bunun həcmi 16 milyondan yuxarı deyil. Ona görə də bu arayışı millət vəkillərinə verdim. Həmkarlarımızın diqqətinə çatdırmaq istəyirəm ki, dəqiqləşdirilməmiş rəqəmlərin burada ifadə olunması bir az çaşqınlıq yaradır. Bura Milli Məclisdir və kifayət qədər rəsmi qurumdur. Sözümün sonunda təqdim edilmiş qanun layihələrini müsbət dəyərləndirirəm və bu qanun layihələrinə səs verəcəyəm və hörmətli millət vəkillərini də buna müsbət səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Büdcə layihəsinin müzakirəsinə keçməzdən öncə mən istərdim ki, bir məsələni Oqtay müəllimin diqqətinə çatdırım. Bu gün Azərbaycanın xalq şairi, millət vəkili Sabir Rüstəmxanlının 60 yaşı tamam olur. Çox istərdim ki, Oqtay müəllim özü sonrakı çıxışlarında Milli Məclis üzvlərinin təbrikini Sabir müəllimə çatdırsın.
Büdcə ilə bağlı nə demək istəyirəm? Ötən dəfə də büdcənin icra vəziyyəti ilə bağlı çıxışlara biz qoşulmadıq, çünki Hesablama Palatasının rəyi vaxtında çatdırılmamışdı. Bu gün də çox təəssüf ki, Hesablama Palatasının rəyi büdcə layihəsi müzakirə olunanda çatdırılır. Mənim bir neçə təklifim var. Büdcənin icra vəziyyəti, xərclər məsələsi müzakirə oluna bilər. Birinci növbədə nəzarət mexanizmini düzgün qurmaq lazımdır. Düşünürəm ki, Milli Məclisin orqanı kimi Hesablama Palatası, heç olmasa, ayda bir dəfə büdcəyə nəzarətlə bağlı əlində olan məlumatları millət vəkillərinə hansısa bir formada - ya yazılı, ya da Milli Məclisdə 15-20 dəqiqəlik məlumatlandırma formasında çatdırmalıdır. Bu ənənə qoyulsa, daha yaxşı olar. Millət vəkilləri büdcə ilə bağlı proseslərdə özləri də aktiv iştirak edə bilərlər.
İkinci tərəfdən, hesab edirəm ki, büdcə gəlirlərinin ilin ortasında müzakirə olunması zamanı mütləq bir təcrübəni də həyata keçirmək lazımdır. Bəlkə büdcənin icrası zamanı qanunu qəbul edəndə biz bir çox məsələləri bir gün ərzində yekunlaşdıra bilərik. Amma burada nazirləri də qınamaq olmur. Biz burada müəyyən təkliflər səsləndirəcəyik. Onlar da, təbii ki, hamısına cavab verəcəklər və bu gün də sənəd səsə qoyulub qəbul olunacaq. Müxtəlif sahələrə vəsait qoyuluşundan söhbət gedirsə, millət vəkillərinin doğru, lazımi yerində səslənən təklifləri ola bilər. Sənədin, heç olmasa, iki iclasda müzakirəsi daha yaxşı olar. Hər halda bunun da nəzərə alınmasını istəyirəm. Birinci çıxışlardan sonra nazirlər burada səslənən təklifləri bir də öz mütəxəssisləri ilə təhlil edərək real münasibət bildirə bilsinlər və bizim də bu məsələdə faydamız ola bilsin.
Keçək 2006-cı ilin büdcəsinin gəlirlərinin yenidən bölüşdürülməsi ilə bağlı problemə. Mənə elə gəlir ki, burada bir neçə məqama xüsusi diqqət ayrılmalıdır. Bu, birinci növbədə, bələdiyyələrlə bağlı məsələdir. 2006-cı ilin büdcəsində bələdiyyələrə 3 milyon manat necə ayrılmışdırsa, eləcə də qalır. Bu, əslində, bələdiyyələrə dövlətin bilavasitə münasibətini göstərir. Artıq Azərbaycan dövləti iki illik idarəetmə strukturuna son qoymağa qərar verməlidir. Yerlərdə seçicilərlə işləyən millət vəkilləri özləri çox yaxşı bilirlər ki, hər hansı bir problemin artıq 2-3 sahibi var. Bu problemləri yerlərdə həll etmək mümkün deyil. Bələdiyyələri də, demək olar ki, çox əhəmiyyətsiz, lazımsız bir qurum vəziyyətinə gətirirlər. Bu həm beynəlxalq prinsiplərə, beynəlxalq tələblərə ziddir, həm də yerlərdə problemlərin həlli baxımından zərərlidir. Mənə elə gəlir ki, biz büdcə gəlirlərindən məhz bələdiyyələrə dəstək verilməsi istiqamətində də müəyyən addımlar atmağa səy göstərməliyik.
Dövlət büdcəsində, həm də Sosial Müdafiə Fondunun büdcəsində profit əmələ gəlmişdisə, burada əmək haqları, pensiyaların artırılması, təbii ki, gözlənilir, mətbuatda da bu barədə məlumat verilibdir. Bunun necə, hansı sahənin ayırmalarının necə düzgün olub-olmadığını müəyyənləşdirmək bizim üçün də çətindir. Təəssüf, Hesablama Palatasının rəyində də bildirilib ki, müəyyən məsələlərdə dəqiq ayırmalar göstərilməyib. Məsələn, onlardan biri kimi hesab edirəm ki, kənd təsərrüfatı sahəsini götürmək olar. Təsəvvür edin ki, kənd təsərrüfatına 122 milyon 299 min 917 manat vəsait xərclənməsi nəzərdə tutulsa da, indiki gəlir artımından, sadəcə, 124 milyon 371 min 517, təqribən 2 milyon vəsait qoyulur. Dizel yanacağının qalxmasından sonra kənd təsərrüfatı, bildiyimiz kimi, darmadağın oldu. Azərbaycanda kənd təsərrüfatında çalışan insanların bir qismi, ümumiyyətlə, bu sahədə işləmək sərfəli olmadığına görə yeni şəhərə köç yaratmaqla əlavə şəhərlərin problemlərini artırdılar. Ona görə də, məncə, kənd təsərrüfatına da diqqət ayrılması çox vacibdir, biz şəhərin yüngülləşdirilməsi siyasətini və regionların inkişafını nəzərdə tuturuqsa və orada müəyyən obyektlər, müəssisələr tikilirsə və bu proqram davam edirsə, biz mütləq kənd təsərrüfatına vəsait qoyuluşunu artırmağa məhkumuq.
Burada təhsilə və səhiyyəyə də kifayət qədər vəsait ayrılır. Təhsilə yeni gəlirlərdən təqribən 22 milyon vəsait ayrılır. Səhiyyəyə 32 milyon manat vəsait ayrılır. Amma bir məsələni diqqətə gətirmək istəyirəm. Regionlarda təhsil müəssisələri tikilir. Mən çox sevinirəm, inanın ki, Azərbaycanda bəlkə də bugünkü iqtidarın atdığı ən ciddi, ən təqdirəlayiq addım məktəb tikintisidir. Bunu müxalifət də, başqaları da deyərlər. Ölkənin gələcəyi məktəblə bağlıdır. Amma biz məktəbləri regionlarda tikirik. Regionda məktəbdə oxumağa şagird yoxdur, çünki hamı Bakıya axışıb. Seçildiyim Bakıxanov qəsəbəsində dünən Rusiya səfiri ilə birlikdə bir tədbirə dəvət olunmuşduq. Çıxarkən 94 saylı məktəbin qarşısı uçdu. 1970-ci ildən məktəb təmir olunmur. Bəs bu maliyyə, təhsilə ayrılan pul haraya gedir? Bakıxanov qəsəbəsində bir məktəb göstərmək olmaz ki, normal təmir olunubdur, istilik sistemi qaydasındadır. Bu uşaq Azərbaycana fayda verə biləcək biliyə necə sahib olacaqdır?
Mən hesab edirəm ki, təkcə pul ayırmaqla iş getmir. Mən yeni təyin olunmuş maliyyə nazirinə də uğurlar arzulayıram. İstəyirəm ki, nəzarət mexanizmini gücləndirsinlər. Yəni dövlət vəsaitinin bu cür sadə bir formada dağıdılmasının qarşısını alsınlar. Başqa sahələrdə eybi yox, nəyi isə güzəştə getmək olar. Axı, təhsilə qoyulan vəsaiti həm artırmaq, həm də ona nəzarət etməyi bacarmaq lazımdır ki, itkiyə yol verilməsin. Eyni zamanda, səhiyyə müəssisələrinin və xəstəxanaların vəziyyəti göz qabağındadır. Hamı da gözəl bilir ki, özəl klinik xəstəxanalardan başqa digər dövlətin tabeliyində, balansında olan xəstəxanalarda, ümumiyyətlə, müalicə sistemi bərbad vəziyyətdədir. Hətta orada qalmaq, yaşamaq,
3-4 gün müalicə olunmaq imkanları minimuma bərabərdir. Bakının məktəblərində 800 yerlik məktəbdə 2000 şagird oxuyur. Burada hansı dərs keyfiyyətindən danışmaq olar? Xəstəxanalarda da elə qiymətlərin bahalığı və kritik vəziyyət hamının diqqətindədir.
Burada mən ikinci qanun layihəsi ilə bağlı da bir məsələyə toxunmaq istəyirdim. Hesab edirəm ki, əmək pensiyalarının artırılması, bu sahədə sistemli iş görülməsi təqdirəlayiqdir. Həqiqətən də, çox böyük irəliləyişlər var. Amma buraya belə bir əlavə edilibdir: “Ermənistan Respublikasının müəssisələrində əmək xəsarətinə görə ödənc alan qaçqın statuslu zərərçəkənlərə”. Burada niyə məhz “qaçqın statuslu” sözləri yazılıb? Mən çox xahiş eləyərdim, Səlim müəllim bu barədə bir açıqlama versin. Digər xəsarət alanlar hansısa formada bunu dövlətdən ala bilirlərmi? Qaçqın statuslu şəxslərin sayı çox məhduddur. Böyük əksəriyyət vətəndaşlıq statusu alıbdır. Niyə məhz qaçqınların nəzərdə tutulması izah olunsun?
Bazarda qiymətlərin qalxması da nəzərə alınmalıdır. İki misal deyəcəyəm. Şəkər tozu köhnə manatla 2 min manata satılırdısa, indi 4 min 500 yüz manatdır. Qənd 2 min 500 yüz idisə, indi 5 min manatdır. Yəni qiymətlər iki dəfə qalxıbsa, əmək haqlarında da bu, mütləq nəzərə alınmalıdır. Mən hesab edirəm ki, büdcə artımı təkcə bizdən asılı məsələ deyil. Bu, dünya bazarında neftin qiyməti ilə bağlıdır. Təkcə özümüz qürrələnməməliyik ki, bizim xidmətimizdir, bizim strategiyamızdır. Bundan doğru istifadə eləməliyik və ən vacib sahələrə, xüsusi ilə təhsil və səhiyyəyə ciddi fikir verməliyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fazil müəllim, Siz mənə müraciət etdiniz ki, biz Sabir Rüstəmxanlını təbrik edək. Nəzərinizə çatdırıram ki, biz Sabir Rüstəmxanlını 60 illiyi münasibəti ilə təbrik etmişik, parlament adından hədiyyəsi də artıq verilib. Bu gün də yubileylə bağlı tədbir var, kim istəyirsə, iştirak edə bilər. Çox sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Ölkəmizin sosial-iqtisadi inkişafındakı son illərdəki sürətli addım artıq ikinci ildir ki, təsdiqlənmiş dövlət büdcəsində müsbət artımlar etməyə şərait və zərurət yaradır. Son illərdə ölkə iqtisadiyyatı davamlı inkişaf mərhələsinə daxil olduğu dövrdən keçən vaxt ərzində respublikamız ən yüksək makroiqtisadi göstəricilərə nail olub. İqtisadiyyatın aparıcı sahəsi olan sənaye sektorunda ötən il istehsal artımı 33 faizdən çox olmuşdur, dövlət əsaslı vəsait qoyuluşu həcmi 2004-cü ilə nisbətən 1,8 dəfə artmışdır. Xüsusi ilə qeyd edilməlidir ki, dövlət büdcəsi hesabına həyata keçirilən proqramlarda regionların, kənd rayonlarının xüsusi çəkisi durmadan artır. Dövlət büdcəsinə təklif olunan artımda da bu bir daha özünü göstərir.
Hazırda rayonlarda kənd təsərrüfatı məhsulları emalı müəssisələrinin yaradılması işi davam etdirilir, fermerlərə verilmiş vergi güzəştlərinin müddəti, məlum olduğu kimi, 2008-ci ilədək uzadılmışdır. Dövlət büdcəsinin vəsaitləri hesabına texnika və gübrənin alınaraq əlverişli şərtlərlə fermerlərə verilməsi kənd təsərrüfatı istehsalının artırılmasına, kənd əhalisinin güzəranının yaxşılaşdırılmasına nəzərəçarpacaq təsir göstərəcəkdir. Son illərdə əldə olunan uğurlar möhtərəm Prezidentimiz cənab İlham Əliyevin 2003-cü ildən başlayaraq dövlət başçısı kimi apardığı ardıcıl və məqsədyönlü sosial-iqtisadi siyasətin nəticəsidir.
Bu gün müzakirə etdiyimiz qanun layihəsindən göründüyü kimi, dövlət büdcəsinə təkid edilən artım, əsasən, investisiya qoyuluşunu əhatə etməklə yol təsərrüfatı, kommunal sahə, təhsil və səhiyyə sektorlarında büdcə xərclərinin artımına səbəb olacaq. Bu işlər gələn il də davam etdiriləcək. Bunu nəzərə alaraq ərazisindən deputat seçildiyim Cəlilabad rayonunun həllini gözləyən bəzi problemlərini qeyd etmək istərdim. Bu günlərdə parlamentdə üç şəhərdə – Naxçıvan, Ağdaş və Göyçayda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasına dair Asiya İnkişaf Bankından alınan kreditlə bağlı sazişi təsdiqlədik. Hesab edirəm ki, belə təcrübə digər rayon mərkəzlərinə də tətbiq edilməlidir. Xüsusi ilə Cəlilabad şəhərinin su təchizatı sisteminin yenidən qurulmasına ciddi ehtiyac vardır. Eyni zamanda, rayonun suvarma kanallarının təmiri və yenidən qurulması günün tələbinə çevrilmişdir.
Digər məsələ rayonun enerji təchizatında mövcud olan çətinliklərdir. Rayon ərazisindəki elektrik xətti dirəkləri 1965-ci ildə salınıb. Onlar bərbad vəziyyətdədir. Digər avadanlıqlar da köhnəldiyindən tez-tez qəzalar baş verir. Elektrik təchizatında fasilələr olur. Bu problemlərə köməklik göstərmək üçün mənim bir deputat kimi müraciətimə “Azərenerji”nin rəhbərliyi laqeydlik göstərir, demək olar ki, reaksiya vermir. Rayonda məktəblərin və səhiyyə obyektlərinin tikintisinə və əsaslı təmirinə lazımi diqqət yetirilir. Xüsusi ilə Heydər Əliyev Fondunun qayğısı nəticəsində məktəblərin inkişaf etdirilməsi təşəbbüsləri diqqətəlayiqdir. Görülən işlərlə yanaşı, rayonun məktəblərinin və səhiyyə obyektlərinin yenidən qurulmasına və təmir işlərinin genişləndirilməsinə ciddi ehtiyac vardır. Fürsətdən istifadə edib müvafiq nazirliklərin və təşkilatların rəhbərlərindən xahiş edərdim ki, qeyd olunan problemlərin həllində rayona yardım etsinlər. Çıxışımı yekunlaşdıraraq mən də 2006-cı ilin dövlət büdcəsinə təklif olunan əlavə və dəyişikliklərə tərəfdaram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan dövlətinin 2006-cı il dövlət büdcəsinin dürüstləşdirilməsi ilə əlaqədar Milli Məclisə təqdim edilən sənəd, əlbəttə, müsbət sənəddir, çünki burada dövlət büdcəsinin artımının bölüşdürülməsindən söhbət gedir. Müsbət haldır ki, həmin artımın təxminən 1 milyon manatı elmə, 22 milyon manatı təhsilə, 32 milyon manatı səhiyyəyə və digər sosial sahələrə, 430 milyon manatdan 270 milyon manatı, yəni 63 faizi əsaslı vəsait qoyuluşuna yönəldilmişdir.
Diqqəti çəkən digər məqamlardan biri budur ki, əgər fikir vermisinizsə, 2004-2006-cı illərin büdcələrində büdcə gəlirlərinin ümumi daxili məhsula nisbəti 13 faizdən 17 faizə, sonra isə bu il 22 faizə qədər artırılmışdır. Bunlar müsbət amillərdir. Həmçinin proqnozda göstərildiyi kimi, qeyri-neft sektorunun inkişafı 2006-cı ildə təxminən 12,9-13 faizə qədər olacaqdır. Büdcə kəsirinin 188 milyon, 1,1 faizə yaxın olması Azərbaycan dövlətinin, hökumətinin atdığı müsbət addımlardandır. Amma bütün bunlarla yanaşı, bir sıra təkliflərimi vermək istərdim ki, büdcənin gələcək inkişafında bu məsələlər nəzərə alınsın.
Birincisi, burada qeyd olundu ki, büdcəyə 430 milyon manat əlavə vəsait daxil olub. Əgər 430 milyon manatın strukturuna nəzər yetirsək, görərik ki, bu, yalnız neftlə əlaqədar deyil. Neftlə əlaqədar əlavə mənfəət vergisindən təxminən 321 milyon manat daxil olur, qalan vergilər isə əsasən, idxaldan, gömrük rüsumundan daxilolmalardan, təxminən 50 milyondan yuxarı məbləğ isə digər tədiyələrdən ibarətdir. Bundan belə görünür ki, büdcənin proqnozu verilən vaxtda ehtiyatlar saxlanır, həmin ehtiyatlar üzə çıxır. Ona görə də mən iqtisadi inkişaf nazirindən və maliyyə nazirindən xahiş edirəm ki, büdcənin proqnozları veriləndə bu məsələdə diqqətli olsunlar ki, hər vaxt dürüstləşmə aparılmasın.
Digər tərəfdən, burada fikir verdinizsə, bütün rayonlar, Bakı şəhərindən başqa subsidiyadadırlar. Son zamanlar Azərbaycan dövlətinin başçısı cənab İlham Əliyev regionların iqtisadi inkişafı ilə əlaqədar geniş proqram həyata keçirir. Belə fikir yaranmasın ki, biz rayonlara subsidiya verilməsinin əleyhinəyik, xeyr. Əksəriyyətimiz rayonlardan seçilmişik, istəyirik ki, rayonlarda maliyyə imkanları geniş olsun. Amma həmin subsidiyanın strukturuna baxmaq lazımdır. Hansı istiqamətdə subsidiya verilir? Çalışmaq lazımdır ki, həmin subsidiya get-gedə azaldılsın. Yəni rayonlarda olan əmlak vergisinin, torpaq vergilərinin yığılmasından, yeni infrastrukturların, istehsal sahələrinin yaranmasından irəli gələn əlavə vəsait rayon büdcələrinə daxil olsun və mərkəzdən rayonlara dotasiyanın azaldılması müsbət hal kimi qiymətləndirilsin.
Burada büdcə xərclərinə nəzarət və şəffaflıqla əlaqədar məsələ qaldırıldı. Bu çox ciddi məsələdir. Bilirsiniz ki, son 3 ildə Azərbaycanın büdcəsi təxminən 6 dəfə artıb və büdcəyə neft kontraktlarının işləməsi ilə əlaqədar çox böyük miqdarda dollar artımı gözlənilir. Ona görə də büdcəyə şəffaflıq və büdcə xərclərinə nəzarət ön plana çıxmalıdır. Dünən keçirilən iclasda maliyyə naziri Samir müəllim qeyd etdi ki, maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasını tezləşdirmək lazımdır. Maliyyə nəzarətini gücləndirmək lazımdır.
Burada Ziyad müəllim dövlət-sahibkarlıq münasibətlərindən bəhs etdi. Dövlət-sahibkarlıq münasibətlərinə, mənə elə gəlir ki, yeni prizmadan baxılmalıdır. Bəzi insanlar elə başa düşürlər ki, sahibkar dövlətdən tamamilə ayrıdır, orada dövlətin heç bir müdaxiləsindən söhbət gedə bilməz. Məsələ elə deyil. Rayonları inkişaf etdirmək, infrastrukturlar, yeni iş yerləri, istehsal sahələri yaratmaq üçün dövlətin müdaxiləsi mütləq lazımdır. Dövlət sahibkarları müdafiə etməlidir. Ona görə də mən elə başa düşürəm ki, bu məsələ yeni prizmadan nəzərdən keçirilməlidir.
Bayaq qeyd olundu, inflyasiya 5,5 faiz həddində gözlənilir. Mənə elə gəlir ki, bu inflyasiyanı cilovlamaq üçün bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmalıdır. Antiinflyasiya tədbirləri həyata keçirilməlidir. Mən hesab edirəm ki, bunun əsas amillərindən biri Azərbaycanda qiymətli kağızlar bazarının inkişafına diqqət yetirilməsidir. Yəni istiqraz vərəqələrinin uçot dərəcəsini inflyasiya dərəcəsindən yüksək səviyyədə buraxmaq və sair bir sıra qiymətli kağızlar bazarının inkişafına Azərbaycanda diqqət yetirmək lazımdır.
Dünən də Samir müəllimdən xahiş etdim, əhalini bir məsələ çox narahat edir. Bir neçə dəfə sovet vaxtından qalmış əmanətlərin qaytarılması ilə əlaqədar məsələyə toxunmuşam. Mən xahiş edirəm ki, Samir müəllim bu məsələyə cavab versin. İkinci yarımildən etibarən bu əmanətlər Azərbaycan dövləti başçısının göstərişinə əsasən qaytarılmalı idi. Amma bu günə qədər biz həmin qanun layihəsini Milli Məclisdə almamışıq. Ümumiyyətlə, büdcədə olan dəyişikliklər müsbətdir və Azərbaycan dövlət büdcəsinin artımının bölüşdürülməsini, xüsusən də sosial yönümlü sahələrə yönəldilməsini müsbət qiymətləndirirəm. Mən bu layihəyə səs verəcəyəm, həmkarlarımı da buna səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis sədrinin müavini Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən də həmkarlarımın “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Qanununa dəyişikliklər və əlavələr barədə söylədikləri bütün müsbət fikirlərə qoşuluram. Hesab edirəm ki, artıq bir ənənəyə çevrilmiş bu halın, yəni hər il büdcəyə artımların bölüşdürülməsi ilə bağlı məsələnin müzakirə olunmasını Azərbaycanın dinamik inkişafının əlaməti kimi qəbul etmək lazımdır. Hesab edirəm ki, gələcəkdə də bu ənənə davam edəcəkdir. Deyilənləri təkrarlamamaq və fikri konkret məqamlara yönəltmək üçün bir məqamı deyəcəyəm.
Eyni zamanda, düşünürəm ki, hökumət təqdim etdiyi bu əlavə və dəyişikliklərdə Azərbaycanın hərtərəfli və dinamik inkişafını təmin etmək üçün ayrı-ayrı sahələrə yönəltdiyi bu vəsaitləri sahənin ehtiyaclarını nəzərə alaraq müəyyən edib və burada səslənən konkret məqamları da imkan daxilində nəzərə alacaq. Bizim hər birimiz ayrıca bir regionu təmsil edirik və qarşımızda seçkilərə qoşulduğumuz andan bəri çoxsaylı tələblər qoyulur, problemlər qaldırılır. Bizim də borcumuz bu problemləri sizə həm yazılı surətdə çatdırmaq, həm də bu işlə məşğul olduğumuzu sübut etmək üçün belə müzakirələrdə şifahi şəkildə söyləməkdir. Seçicilər seçdikləri insanların onların problemlərinə laqeyd olmadıqlarını bir daha qulaqları ilə eşitsinlər, gözləri ilə görsünlər. Ona görə Nazirlər Kabinetinə etdiyim bir müraciəti burada da təkrarlamaq istəyirəm.
Bilirsiniz ki, Füzuli rayonunun ərazisinin yarıdan çoxu işğal altındadır və hətta bizim nəzarətimiz altında olan torpaqların bir qismində də işləmək qeyri-mümkündür, çünki ərazi minalardan tam şəkildə təmizlənməyib, cəbhə bölgəsi olduğu, əkin sahələrində işləyən insanların təhlükəsizliyi təmin olunmadığı üçün bir sıra torpaqlar da istifadəsiz qalıb. İşğaldan azad olunmuş 22 kəndin ərazisində əvvəllər 23 min əhali yaşadığı halda, bu gün 60 mindən yuxarı əhali məskunlaşıb. İnsanların işlə təmin olunması üçün çoxsaylı problemlər mövcuddur, əhali yalnız torpaqda işləməyə məhkumdur. Bu torpaqlarda işləmək üçün də digər rayonlardan fərqli olaraq Füzulidə hər zaman suvarmaya ehtiyac olub. Bu gün də ermənilərin böyük su mənbələrinə nəzarət etməsini və bir çoxlarının istiqamətinin dəyişməsi nəticəsində və nəzarətdən kənarda qalan su mənbələrinin və su kəmərlərinin istifadəsinin yararsız vəziyyətə düşməsini nəzərə alaraq burada suya çox böyük ehtiyac olduğunu qəbul etmək lazımdır.
Onu da demək istəyirəm ki, ərazidə dövlətin müvafiq strukturları tərəfindən görülən bərpa-abadlıq işlərini Füzuli əhalisi çox yüksək qiymətləndirir. Bu işlər insanların orada sabaha inamla yaşaması, eyni zamanda, Azərbaycan xalqına nümunə göstərmələri üçün kifayət verəcək işlərdir. Bu insanlar bütün təhlükələri dəf edərək ərazini dirçəldir, Azərbaycan dövlətinin atdığı addımların daha səmərəli olması üçün ciddi fəaliyyət göstərirlər. Konkret olaraq onu demək istəyirəm ki, salınan qəsəbələrdə suvarmaya çox böyük ehtiyac var. Dörd kilometrlik Yuxarı Mil kanalının sahəsində aparılan işlər kifayət etmir ki, həmin sahədə suvarma işləri tam şəkildə başa çatdırılsın. Mən konkret olaraq fikirləri bildirmək istəyirəm. 6-11 saylı “Qayıdış” qəsəbəsində hər ailəyə 1 hektar torpaq sahəsi verilib və onların da həyatlarını təmin edən bu torpaq sahəsindəki işləridir və bunun üçün müvafiq işlər görülməlidir.
Haramıda və 5 saylı “Qayıdış” ərazisində 600 məcburi köçkün ailəsi arasında bölüşdürülmüş 1100 hektar torpaq sahəsini suvarmaq üçün Yuxarı Mil kanalının üzərində müvafiq gücə malik bir ədəd nasos stansiyasının quraşdırılması məqsədəuyğun hesab olunur. Eyni zamanda, Aşağı Kürmahmudlu və Mahmudlu kəndlərinin arasından keçən Köndələnçayın üzərində nasos stansiyasını quraşdırmaqla buradakı suvarma problemini aradan qaldırmaq mümkündür. Vaxtı ilə orada Qaçqınlar Şurası tərəfindən salınmış “Qayıdış-2” sakinlərinin arasındakı 137 hektar torpaq sahəsini suvarmaq üçün isə Yuxarı Mil kanalı üzərində daha güclü nasos stansiyası quraşdırılmalıdır ki, bu nasos stansiyasına dörd kilometrlik boru xəttinin çəkilməsi tələb olunur. Əlbəttə, bu konkret müraciət Nazirlər Kabinetinə daxil olub və artıq demək istəyirəm ki, Meliorasiya Su Təsərrüfatı Agentliyi məsələni araşdırıb, problemin həllini qənaətbəxş hesab edərək, artıq smeta sənədləri hazırlayıb və Nazirlər Kabinetinə təqdim edib. Mən seçicilərim adından, həyatına qaçqınlıq, əzab-əziyyət düşmüş insanlar adından bu gün hökumətdən bir daha bu günə qədər gördüyü işləri davam etdirməyi xahiş edirəm. Mümkünsə, bu layihənin həyata keçirilməsi üçün vəsait ayrılmasını xahiş edərdim, çünki mənim seçicilərim bunu hər gün gözləyir və məndən soruşur, bu istiqamətdə hökumətin müvafiq addım atacağına inanırlar. Çox istərdim ki, bu məsələ gələn ilin büdcəsinə qalmasın, əgər imkan varsa, həmin sahəyə yönəldilsin. Eyni zamanda, məcburi köçkünlər üçün bu artımdan nəzərdə tutulan yanacağın qiymət fərqinin ödənilməsini də müsbət hesab edirəm. Seçicilərim adından bu yardıma görə sizə təşəkkür edirəm və düşünürəm ki, imkan dairəsində seçicilərə ayrılan ərzaq pulu məsələsinə də baxıla bilər. Bu məsələ də seçiciləri narahat edən məsələdir. Qanun layihəsinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Bahar xanım. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri, xanımlar və cənablar! Bu gün çox vacib məsələ müzakirə olunur, büdcəyə əlavələrin edilməsi bütün cəhətlərdən, həm iqtisadi, həm sosial, həm də digər cəhətdən çox vacib məsələdir. Bu birinci dəfə deyil və hesab edirəm ki, davamlı xarakter daşıyacaq. Ona görə də büdcəyə daxil olan böyük vəsaitlərin müqabilində ona adekvat surətdə bu problem ətrafında artıq böyük kateqoriyalarla düşünməyi də bacarmaq lazımdır ki, həmin vəsaitlərdən səmərəli istifadə edək.
Bu nöqteyi-nəzərdən birinci qeyd etmək istədiyim ciddi məsələ ondan ibarətdir ki, uzun müddətdir, Azərbaycanın büdcəsi 15-16 faiz civarında olurdu. Ümumi daxili məhsulun 15-16 faizi civarında olan büdcə cari büdcədir, artıq Azərbaycanın büdcəsi 22-23 faiz səviyyəsinə qalxıb. Deməli, keçən dəfə mən çıxışımda qeyd elədiyim kimi, ümumi daxili məhsulun 30-33 faizinə çatma imkanları böyükdür. Azərbaycan büdcəsi cari büdcədən strateji büdcəyə keçir ki, bu da büdcənin Azərbaycan hökumətinin, dövlətinin həyata keçirdiyi siyasətdə sözün həqiqi mənada rolunun artması deməkdir. Vəsaitlərin ayrılması çox yaxşıdır, eyni zamanda, hesab edirəm ki, ikinci vacib cəhət bilavasitə orta müddətli dövr üçün Azərbaycan büdcəsinin strateji məqsədinin düzgün müəyyənləşməsidir ki, burada da paritetlər mühüm əhəmiyyət kəsb edir. Bu nöqteyi-nəzərdən makroiqtisadi tarazlığın qorunub saxlanması balanslı və tarazlı inkişafın bütün Azərbaycan ərazisinə şamil edilməsi istiqamətində büdcənin rolunun artırılmasıdır.
İkinci ciddi məsələ büdcədən maliyyələşən təşkilatların, eləcə də orada çalışan işçilərin vəziyyətinin yaxşılaşdırılmasına təsirin göstərilməsidir. Üçüncü isə dövlət investisiyalarının artırılmasına müqabil surətdə ondan səmərəli istifadə etməklə iqtisadi fəallığın artırılması və bir sıra infrastrukturlu və digər xarakterli problemlərin həllinin sürətləndirilməsidir. Bu nöqteyi-nəzərdən növbəti blok kimi mənim qeyd edəcəyim məsələ ondan ibarətdir ki, əgər biz Azərbaycan büdcəsinin artırılmasından danışırıqsa, həmin büdcəyə bilavasitə dövlətin büdcəsi, ailənin büdcəsi və hər bir vətəndaşın büdcəsi kontekstindən baxılmalı və artımlarda bir harmoniya olmalıdır. 2006-cı ilin birinci rübünün göstəricilərinə görə ümumi daxili məhsulun 39 faiz artması, sənaye məhsulunun istehsalının bundan da artıq olması timsalında gəlirlərin və əmək haqlarının artması isə 18-20 faiz təşkil edir. Bu məsələni ona görə qaldırıram ki, beynəlxalq təşkilatlar Azərbaycanda əmək haqlarının qaldırılmasının ciddi inflyasiyaya gətirib çıxaracağından ehtiyatlanırlar. Amma gəlin baxaq görək Azərbaycan büdcəsini adambaşına böləndə nə qədər alınır? Təqribən 460 Azərbaycan manatı. Onu da aylara böləndə nə qədər alınır? 40 Azərbaycan manatı. Ayda adambaşına 40 Azərbaycan manatı düşən bir büdcə ciddi inflyasiya mənbəyi ola bilməz. Əgər nəzərə alsaq ki, büdcə təşkilatlarında çalışanların əksəriyyətinin maaşları minimum istehlak büdcəsindən aşağıdır, yaxud da 1990-cı ilin səviyyəsindən iki dəfə aşağıdır, görün, əmək haqlarının artırılması istiqamətində addımlar atmaq üçün nə qədər ehtiyatımız var.
Beynəlxalq təcrübədən məlumdur ki, əgər bir işçinin saatlıq əmək haqqı 3 dollardan aşağıdırsa, o özünün təkrar istehsalını davam etdirə bilmir. Azərbaycan büdcəsindən maliyyələşən təşkilatlarda çalışanların əksəriyyətinin saatlıq əmək haqqı heç 0,5 dollar deyil. Biz büdcə təşkilatlarında çalışan işçilərin əmək haqlarını aşağı səviyyədə saxlamaqla ən böyük sərvət olan insan amilini deqradasiyaya uğradırıq. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, büdcə təşkilatında çalışanların əmək haqlarının artırılması məsələsinin inflyasiyaya görə ləngidilməsi düzgün mövqe deyil. Burada məsələyə qeyd elədiyim dəlillərlə yanaşmaq lazımdır.
Daha bir məsələ onunla bağlıdır ki, Azərbaycanda vəsaitlər artır, yaxın dövrlərdə həmin vəsaitlərdən səmərəli istifadə etmək məsələsi Azərbaycanın ən ciddi problemi olacaq. Başqa ölkələrdə vəsaitin tapılmadığı bir şəraitdə bizdə getdikcə artan vəsaitdən necə səmərəli istifadə etmək olar ki, problemlər yaratmasın. Bu məsələ gündəliyimizdə duran ən ciddi problemə çevriləcək. Bu kontekstdə bir sıra problemlər olacaq. Beynəlxalq təşkilatlar da bu məsələni artıq hesabatlarına salıblar. Bunların içərisində ən ciddisi “Hollandiya sindromu” ilə, bir də inflyasiyanın artması ilə bağlı məsələ olacaq. Hollandiya sindromunun qarşısının alınması, büdcə vəsaitlərindən, o cümlədən neft gəlirlərindən səmərəli istifadə edilməsinin səmərəliyinin artırılması üçün yaxşı olar ki, İqtisadi siyasət daimi komissiyası digər komissiyalarla birgə parlamentdə və ya haradasa böyük bir müşavirənin keçirilməsi üçün səy göstərsin. Orada həm hökumət üzvlərinin, həm beynəlxalq nümayəndələrin, həm millət vəkillərinin, həm də ekspertlərin iştirakı ilə məhz artan gəlirlərdən səmərəli istifadə etmək, həmin gəlirlərin iqtisadiyyatın inkişafına, problemlərin həllinə, əhalinin güzəranının yaxşılaşmasına yönəldilməsi məsələləri müzakirə edilməlidir.
Növbəti məsələ ondan ibarətdir ki, artıq Azərbaycanda inflyasiyanın artma templəri 5,5 göstərilsə də, ikirəqəmli həddə çatması təhlükəsi getdikcə artır. Birinci rübün yekunları müzakirə olunan zaman bu məsələyə xüsusi diqqət yetirilib. Mən bunu xüsusi vurğulamaq istəyirəm. Təklif edirəm ki, İqtisadi siyasət üzrə Dövlət müşaviri 1 il bundan qabaq may ayının 31-də inflyasiyaya qarşı tədbirlərə dair Prezident fərmanının bir illiyi münasibəti ilə mətbuat konfransı keçirsin. Oradakı maddələrin hansının yerinə yetirilməsi, hansının yerinə yetirilməməsi obyektiv monitorinqin nəticəsi kimi ortaya çıxsın, inflyasiyanı ləngitmək üçün əlavə tədbirlər kimi yeni bir fərmanın verilməsinə də ehtiyac varsa, bu istiqamətdə tədbirlər görülsün. Bu fərmanın verilməsinin bir ili münasibəti ilə Nazirlər Kabinetinin iclasının keçirilməsinə böyük ehtiyac var. Bu, həddən artıq mühüm məsələdir.
Hesab edirəm ki, büdcə siyasətinin başqa sahələrə də müsbət təsir göstərməsi üçün Milli Bank, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Statistika Komitəsi və digər əlaqədar təşkilatlarla birgə bir mərkəzdən tənzimlənən mexanizmin yaradılması və fəaliyyətin koordinasiya olunmasına böyük ehtiyac var. Ona görə də bir sıra suallara aydınlıq gətirilməsini vacib hesab edirəm. Birinci, ümumi daxili məhsul 39 faiz artıb, 39 faiz artımın içərisindən Beynəlxalq Əməliyyat Şirkətinin payını çıxandan sonra onların Azərbaycanda artım tempi nə qədərdir? İkinci, bilavasitə ayrılan 430 milyon vəsaitin bölünməsində heç nə öz əksini tapmayıb. Elə maddələr var ki, bunlara daha çox vəsait ayrılıb. Həmin vəsait hansı prinsiplər əsasında bölünüb?
Üçüncü ciddi məsələ, dövlət investisiyalarının sayının paritet təşkil etməsini müsbət, amma burada qoyulan yanaşmanı yarımçıq hesab edirəm. Ona görə ki, burada vəsaitlərin daha çox hissəsi tikinti-quraşdırma işlərinə gedir. Azərbaycan üçün vacib olan, Azərbaycan xalqının ilkin tələbatlarını ödəyən sahələr Azərbaycan sənayesinin 50 faizinə yaxınını təşkil edir. Dövlət sahibkarlığına fikir vermədiyimizə görə həmin sahələr gəlib 3-4 faizə çatıb. Hesab edirəm ki, məhz həmin sahədə digər elementlərin də, yəni maşın-avadanlıq və sair dövlət sahibkarlığı payının nə qədər olması məsələsinə diqqət yetirilməlidir. Bu çox böyük əhəmiyyət kəsb edir. Bir böyük məsələ isə budur ki, büdcədə regional yanaşma paritet təşkil etməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Cənab millət vəkilləri, hörmətli nazirlər, komitə sədrləri, hörmətli şirkət rəhbərləri! Bu gün müzakirə edəcəyimiz “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Qanuna əlavə və dəyişikliklər edilməsi, eyni zamanda, Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsinin müzakirəsi ən mühüm, vacib məsələlərdəndir. Mən hesab edirəm ki, həmin layihələrə bu gün baxılması, qəbul olunması ən mühüm şərtdir və mən bunların hər ikisinin qəbul olunmasına səs verəcəyəm.
Məlumdur ki, Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafının təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuşdur. Hal-hazırda hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən həndəsi silsilə ilə inkişaf etdirilən bu proqram bütün rayonlarda öz əksini tapmışdır, inkişaf etdirilir və həyata keçirilir. Eyni zamanda, mənim deputat seçildiyim Astara rayonunda da çox mühüm işlər həyata keçirilir. Buna baxmayaraq mənim seçicilərim dəfələrlə müraciət eləyirlər, onlarla görüşlərdə deyirlər.
Hələ Astarada bir sıra problemlər var ki, onlar çox vacib hesab edilir. Bunlardan biri də yolların olmamasıdır. Siz bilirsiniz ki, Astarada 93 min 135 ailə yaşayır. Astaranın bir tərəfi dənizdir, bir tərəfi dağdır, bir tərəfi də İrandır. Dağlıq zonası çox böyük sahəni təşkil eləyir. Yolların olmaması nəticəsində dağlıq sahələrdə yetişdirilən məhsullar bazara çıxarıla bilmir, sahələrdə batıb gedir və bu da rayonun ümumi daxili məhsulunun artımına mənfi təsir göstərir. Ümumiyyətlə, əhalinin iqtisadi inkişafını müəyyən dərəcədə ləngidir. Hələ sovetlər məkanında Astarada iki asfalt zavodu, bir çınqıl zavodu var idi. İndi bunların heç biri yoxdur. Asfalt yalnız rayonun mərkəzinə salınır. Niyə? Çünki asfaltı gedib 40 kilometr uzaqdan, Lənkərandan gətirirlər, bu da çox baha başa gəlir. Hörmətli nəqliyyat naziri cənab Ziya Məmmədov buradadırsa, ondan xahiş edirəm, ayrılmış vəsaitdən imkan daxilində Astarada bir asfalt zavodu, bir çınqıl zavodu tikilsin. Asfaltı gedib 40 kilometrdən gətirməsinlər. Mən bunu xahiş edirəm.
Son zamanlar Astarada enerjinin təchizatı problemlərinin həlli çox təqdirəlayiqdir. Hörmətli Prezidentimiz cənab İlham Əliyevin təşəbbüsü ilə Astarada 90 meqavatlıq, siz gözəl bilirsiniz ki, mobil elektrostansiya istismara verilmişdir. Bu, nəinki Astaranın, 5 regionun elektrik təchizatında çox mühüm rol oynamışdır. Hal-hazırda elektrik təchizatı, demək olar ki, tam yerinə yetirilib. Yalnız elektrik enerjisinin kəndlərə çatdırılmasında böyük problem var, çünki kəndlərdə elektrik stansiyaları, hava elektrik xətləri, elektrik dirəkləri 40 il bundan qabaq quraşdırılmışdır, bunlar köhnəlib. 30-40 il bundan qabaq elektrik stansiyalarında quraşdırılan transformatorlar 100 evi təmin edirdi, indi 500 ev var. Bunların təmirə, dəyişdirilməyə ehtiyacı var. Büdcədən ayrılan vəsaitin çatışmazlığı səbəbindən bu işlərin görülməsi ləngiyir.
Digər tərəfdən Astarada su və kanalizasiya sistemləri yox dərəcəsindədir. Kanalizasiya yoxdur və beşmərtəbəli hündür binaların çirkab suları zirzəmiyə axıdılır. Bəzi binaların uçmaq təhlükəsi var. Yay vaxtı çirkab suların nəticəsində xəstəliklər artır. Bütün bunların qaydaya salınması üçün büdcədən müəyyən dərəcədə vəsait ayrılmalıdır. Maliyyə naziri Samir Şərifov buradadır, iqtisadi inkişaf naziri Heydər Babayev buradadır, mən onlardan çox xahiş edirəm, imkan varsa, 2006-cı ilin büdcəsinə baxanda bu problemlərin həllində kömək eləsinlər. Büdcədən müəyyən vəsait ayrılsın.
Hələ də Astarada işsizlik problemi durur. Mən hörmətli Heydər Babayevdən xahiş edirəm, imkanı varsa, Astarada əmək yarmarkası keçirilməsinə, sahibkarlara Astaranın özündə kredit verilməsi məsələsinə kömək eləsin, çünki kredit alınması üçün sahibkar gedir Lənkərana, orada da böyük problemlər yaranır. Onlar hər dəfə rayona gedəndə mənə müraciət edirlər, xahiş edirlər, əgər imkan varsa, onlara kömək edilsin. Mən xahiş edərdim ki, hörmətli nazirlər bu məsələnin həllində kömək eləsinlər. Bu problemlərin həlli getdikcə uzanır, uzandıqca da problemlərin miqdarı artır, ağırlaşır, əhali haqlı olaraq narazılıq edir.
Digər bir xahişim də var. Rayonda səhiyyənin vəziyyəti çox da qənaətbəxş deyil, səhiyyəyə və təhsilə ayrılan vəsait olduqca azdır. 5 saylı məktəb var, məktəbin idman zalı məktəbin binası içərisində sökülüb. Kənddə məktəblər var, divara dayaq qoyublar ki, şagirdlərin başına uçmasın. Bunlardan ötrü mən istərdim xahiş edim, əgər imkan varsa, 2006-cı ildə büdcədən vəsait ayrılsın, yoxdursa, bütün nazirlərə müraciət edəcəyəm, heç olmasa, 2007-ci ildə bunlar nəzərə alınsın. Buna baxmayaraq mən hər iki qanun layihəsinin qəbul olunmasına səs verəcəyəm. Deputat həmkarlarımı da buna səs verilməsinə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Təşəkkür edirəm, Oqtay müəllim. Mən də məndən əvvəl çıxış edən hörmətli millət vəkillərinin fikirlərinə qoşularaq hesab edirəm ki, Azərbaycanın dövlət büdcəsinin göstəricilərinin artırılmasında ifadə olunan dürüstləşdirilmənin aparılması əlamətdar hadisədir. Bu, Azərbaycanın dinamik inkişafını təsdiq edən vacib amillərdən biridir. Azərbaycanın iqtisadi inkişafı təkcə iqtisadi göstəricilərdə və iqtisadi məntiqdə ifadə olunan inkişaf deyil, eyni zamanda, Azərbaycanın beynəlxalq aləmdə mövqelərinin möhkəmləndirilməsidir. Eyni zamanda, Azərbaycan üçün çox əhəmiyyətli olan dövlətin qüdrətinin artırılmasının ifadəsidir.
Əlbəttə, səsləndirilən rəqəmlər qısa bir müddət - 2006-cı ilin hesabat dövrü ərzində yüksək inkişaf göstəricilərinin əldə olunduğunu təsdiq edir. Milli məhsulun 40 faiz həcmində artması, mən hesab edirəm ki, təkcə neft amili ilə əlaqədar deyildir. Bu, eyni zamanda, Azərbaycanın iqtisadiyyatının digər sferalarında da əldə edilmiş inkişaf və tərəqqinin göstəricisidir. Əlbəttə, Azərbaycan iqtisadiyyatının neft amili hesabına artmasını biz nəzərə alırıq və eyni zamanda da, qeyd edirik ki, bu qədər yüksək iqtisadi tərəqqi və göstəricilər yalnız və yalnız neft amili ilə bağlı deyildir. Aparılan iqtisadi islahatlar, xüsusi ilə də regionlarda aparılan islahatlar sosial-iqtisadi inkişafın məlum göstəricilərini təmin edib. Çox maraqlıdır ki, Azərbaycan iqtisadiyyatının artması həyata keçirilən uğurlu siyasət nəticəsində insanların həyatının yaxşılaşdırılmasına imkan verən addımların atılmasını mümkün edir.
Əsası Heydər Əliyev tərəfindən qoyulan, bu gün isə Azərbaycanın Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən işlər siyasətin məntiqini tam dolğunluğu ilə əks etdirir. Düşünürəm ki, bu templər yaxın zamanlarda hamımızın qürur duyacağımız qüdrətli və zəngin bir Azərbaycanın yaradılacağına inamı əhəmiyyətli dərəcədə gücləndirir. Eyni zamanda, mən büdcənin dürüstləşmiş göstəricilərinin əhəmiyyətli bir hadisə olmasını qeyd etməklə yanaşı, müzakirələrin aparılması fürsətindən istifadə edərək, bir neçə fikrimi də hörmətli nazirlərlə, hökumət üzvləri ilə bölüşmək fikrindəyəm.
Birincisi, mən elə düşünürəm ki, Azərbaycanın dövlət büdcəsinin formalaşmasında çox vacib imkanlardan biri olan özəl sektorun vasitələrindən daha geniş istifadə edilməsinə fikir vermək pis olmazdı. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında, Azərbaycanın ümumi milli məhsulunun təxminən 80 faizini təşkil edən özəl bölmə büdcədə adekvat şəkildə öz əksini tapmır. Hesab edirəm ki, bu sahədə büdcənin daha da inkişaf etdirilməsi üçün böyük imkan vardır. Digər məsələ, bayaq hörmətli Ziyad Səmədzadə qeyd elədi, milli məhsulun və büdcənin nisbəti, mən belə hesab edirəm ki, burada indi səsləndirilən 22-23 faizlik göstəricidən daha yüksək göstəriciyə, yəni daha təkmil, kamil nisbətə keçirilməsi istiqamətində ciddi işlənilməsinə ehtiyac var.
Mən hörmətli hökumət üzvlərinin, çox hörmətli maliyyə nazirinin burada olmasından istifadə edərək, Azərbaycanda təhsilin inkişafı üçün büdcə imkanlarından daha səmərəli istifadə edilməsi məsələsini qaldırmaq istəyirəm. Qeyd etmək istəyirəm ki, son illərdə Azərbaycanda təhsilin inkişafına dövlət tərəfindən çox böyük qayğı göstərilib, eyni zamanda, Azərbaycanda məktəb tikintisi, məktəblərin təmir edilməsi istiqamətində Heydər Əliyev Fondunun atdığı addımların böyük əhəmiyyətini də göstərirəm. Bütün bunlarla yanaşı, Azərbaycanın dövlət büdcəsində təhsilə ayrılan ayırmaların təxminən 17 faiz olmasını nəzərə alaraq, hesab edirəm ki, gələcəkdə bu nisbətin bir az artırılması üzərində fikirləşmək olar. Bir neçə il bundan əvvəl bəlkə də 20 faiz idi, sovet dövründə də təhsilə ayrılan büdcə vəsaitləri büdcənin ən azı 20-23 faizini təşkil edirdi. Azərbaycanın gələcəyi, bütövlükdə cəmiyyətimizin gələcək inkişafı təhsilin inkişafı ilə, gənc nəslin elmlərə, biliklərə yiyələnməsi ilə əlaqədar olmasını, eyni zamanda, təhsilin və elmin ən böyük iqtisadi potensialı olduğunu nəzərə alaraq, hesab edirəm ki, təhsilin inkişafına dövlət büdcəsindən vəsaitin daha da artırılması xüsusi bir diqqətdə olmalıdır.
Bu kontekstdə, eyni zamanda, təhsil işçilərinin əmək haqlarının artırılmasına da diqqət yetirilməlidir. Son illərdə Azərbaycanda təhsil işçilərinin əmək haqlarının artırılması istiqamətində çox vacib işlər görülüb, təhsil işçilərinin əmək haqlarının səviyyəsi bir neçə il bundan qabaqkı illərlə müqayisədə xeyli artıb. Bütün bunlarla yanaşı, təhsilin strateji sahə olduğunu nəzərə alaraq, Azərbaycanın dövlət büdcəsində təhsil işçilərinin əmək haqlarının həm bu ilin sonrakı hissələrində, həm də 2007-ci ilin büdcəsində nəzərdə tutmağı vacib sayıram. Bununla yanaşı, mən hesab edirəm ki, təhsil problemi ilə bağlı olaraq Azərbaycan gənclərinin xaricdə təhsil alması istiqamətində də addımlar atılmasına ehtiyac var. Azərbaycanın dünya inteqrasiya prosesində yaxından iştirak etməsi Azərbaycanın gənc nəslinin çox yüksək, müasir elmi biliklərə yiyələnməsinə ehtiyacı artırır. Hesab edirəm ki, Azərbaycanın gündən-günə artmaqda olan maliyyə imkanları Azərbaycanın istedadlı gənclərinin ildə 200-300 nəfərinin xarici ölkələrin ali məktəblərinə göndərilməsini mümkün edir. Hesab edirəm ki, bu məsələyə də Azərbaycan hökuməti diqqət artırsa, pis olmaz.
Bir məsələni də mən hörmətli maliyyə nazirinin diqqətinə çatdırmaq istəyirəm. Bu da yenə təhsillə bağlıdır. Azərbaycanın indi də hökumət xətti ilə bir sıra tələbələri xarici ölkələrdə təhsil alırlar. Ancaq həmin tələbələrin yaşaması üçün hökumətimiz tərəfindən ödənilən təqaüdün azlığı hökumətimiz tərəfindən gərək nəzərə alınsın. Mənim bildiyimə görə Azərbaycanın təhsil naziri Maliyyə Nazirliyinə xaricdə təhsil alan tələbələrin təqaüdünün 50 Amerika Birləşmiş Ştatları dollarından 100 Amerika Birləşmiş Ştatları dolları həcminə qaldırılması haqqında müraciət edib. Güman edirəm ki, bu məsələ yaxın zamanlarda öz həllini tapacaq. Nəzərə alaq ki, bu məbləğlə xaricdə oxuyan tələbələr özlərinin məişət problemlərini həll etməkdə çox böyük çətinliklər çəkirlər. Bütün bunları deyərək mən, eyni zamanda, bildirmək istəyirəm ki, Azərbaycan hökumətinin təhsilə, digər sahələrə qayğısı, artan diqqəti Prezidentimizin həyata keçirdiyi siyasətin, sosial yönümün bu gün müzakirə elədiyimiz qanun layihəsində özünün dəqiq, düzgün və dərin əksini tapır. Buna görə də düşünürəm ki, millət vəkilləri aparılan səmərəli müzakirələrin nəticəsi olaraq təqdim olunan qanun layihəsini qəbul edəcəklər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bu gün komissiyanın sədri hörmətli Ziyad Səmədzadənin çox dolğun və ətraflı məruzəsini dinlədik. Bir neçə gün əvvəl Milli Məclisin ötən iclasında 2005-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatı müzakirə etdik. Hökumətin hesabatı və onun təhlili göstərdi ki, ölkəmizin iqtisadiyyatındakı dinamik inkişafın tempi yüksələn xətlə gedir. Bu gün Azərbaycan Respublikası Prezidentinin Milli Məclisin müzakirəsinə təqdim etdiyi “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihələri də həmin tendensiyanın davam etdirilməsindən xəbər verir.
“Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsi göstərir ki, dövlət büdcəmiz sosial yönümlüdür. Smeta maliyyələşdirilməsində qeyri-istehsal sahələrinin, məktəblərin, səhiyyə ocaqlarının nəzərə çarpan şəkildə diqqətdə saxlanılması təqdirəlayiq haldır. Mən büdcə maliyyələşdirilməsindəki təhsil bölməsi haqqında bir neçə söz demək istərdim. Büdcədə bu sahəyə 498 milyon, 520 milyon 274 manat, təxminən 500 milyon manata yaxın vəsait ayrılıb. Bu isə, ümumilikdə, büdcəmizin 12 faizə yaxın hissəsi deməkdir. Həmin vəsait ilk növbədə əməyin ödənilməsinə yönəldilməlidir. Hamımız üçün gizli deyil ki, ölkəmizdə ümumtəhsil məktəblərinin böyük hissəsi fiziki cəhətdən köhnəlmiş, müasir tələblərə cavab verməyən binalarda yerləşir, bu isə təlimin səmərəliyini aşağı salır. Bundan əlavə, son vaxtlar Abşeronda yeni qəsəbələr salınmış, tikilmiş, əmələ gəlmişdir, oralardasa, demək olar ki, heç bir sosial obyekt, o cümlədən məktəblər, həmçinin də səhiyyə ocaqları yoxdur. Bunlar da gələcəkdə büdcədə nəzərə alınmalıdır.
Ümumtəhsil məktəblərinin maddi-texniki bazasının yeniləşdirilməsi, məktəblərin möhkəmləndirilməsi ümummilli məsələdir. Buna görə də sadaladığım faktların nəzərə alınması vacibdir. Düzdür, bu istiqamətdəki müəyyən boşluqlar Heydər Əliyev Fondunun, onun sədri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə doldurulur, lakin dövlət büdcəsində bu məsələnin ətraflı nəzərdə tutulması çox müsbət hal kimi qiymətləndirilməlidir. Təhsil bölməsindəki ali məktəblərlə bağlı hissədə müəllim və tələbələrin elmi tədqiqat işlərinin maliyyələşdirilməsi ilə bağlı maddənin hökmən salınması zamanın tələbidir. Azərbaycan xalqı ümummilli liderimizin dediyi kimi, istedadlı xalqdır və həmin istedadlara münbit şəraitin yaradılması isə hökumətin borcudur.
Millət vəkillərinin diqqətinə çatdırım ki, “İpoteka krediti haqqında” Qanun ölkənin mənzilə ehtiyacı olan adamlarında, xüsusi ilə gənc ailələrdə rezonans yaratdı. Onlar qəbul edilmiş bu qanuna böyük ümidlərlə baxırlar. Lakin 2006-cı ilin mart ayından verilməsinə başlanılan bu kredit cəmiyyətdə canlanma yaratmadı. Düzdür, bu bir az da sahə ilə bağlı maarifləndirmə işinin zəif qurulması ilə bağlı olsa da, kreditin verilməsinin sənədləşdirilməsi ilə daha çox əlaqələndirilir. Həmin təyinatlı kreditlərin verilməsindən 3 ay keçməsinə baxmayaraq, ondan yararlananların sayını barmaqla saymaq, göstərmək olar. Məgər bizdə mənzil almaq və yaxud mənzil şəraitini yaxşılaşdırmaq istəyənlərin hamısının kredit almağa ehtiyacı yoxdur? Bu, əlbəttə, belə deyildir. Kreditin verilməsi prosedurlardakı çətinliklər və aylıq ödəmələrdəki qeyri-real məbləğ ilə daha çox bağlıdır. Bunları nəzərə alaraq, büdcə maliyyələşdirilməsində İpoteka Fondunun smetasına bir daha diqqət yetirilməlidir.
Büdcədəki bir məqama da diqqətinizi yönəltmək istəyirəm. “Kənd təsərrüfatı məhsullarının qiymətlərinin sabitləşdirilməsi” adlanan bölmə diqqət çəkəndir. Ona görə də təklif edirəm ki, bu bölmənin gələcəkdə həqiqətənmi bu şəkildə fayda verəcəyi mütəxəssislər tərəfindən dəqiq öyrənilsin. Mədəniyyət, incəsənət, bədən tərbiyəsi və turizm sahəsində fəaliyyət xərclərini 2005-ci il dövlət büdcəsi ilə müqayisədə çoxluğu yaxşı haldır. Daha yaxşı olar ki, artımların, xüsusi ilə turizmlə bağlı infrastrukturların yaradılmasına yönəldilməsi təmin edilsin və bu məsələ də büdcədə nəzərə alınsın.
Yekun olaraq deməliyəm ki, 2006-cı ilin dövlət büdcəsi öz şəffaflığına, funksional və iqtisadi təsnifatına, büdcə xərclərinin ünvanlığına görə fərqlənir. Həqiqətən də, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin iqtisadi platformasının inkişaf tempini bu büdcə göstəriciləri çox dolğun və ətraflı əks etdirir. Mən belə bir təkmil və dolğun büdcə layihəsinə dəqiq əlavə və dəyişikliklərə görə, birinci növbədə, ölkə Prezidentinə, sonra Baş nazirə, Maliyyə Nazirliyinə, İqtisadi İnkişaf Nazirliyinə, Dövlət Gömrük Komitəsinə, Vergilər Nazirliyinə, Milli Banka və digər icra strukturlarına dərin minnətdarlığımı bildirirəm. Ümumilikdə, layihəni təqdir edir və qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, gəlin, imkan yaradaq, hökumət üzvləri bəzi suallara cavab versinlər. Suallara kim cavab vermək istəyir?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Samir müəllim, buyurun. Xahiş edirəm, konkret.
S. Şərifov. Çox sağ olun, cənab Sədr. İlk növbədə mən müzakirələrdə iştirak etmiş bütün millət vəkillərinə minnətdarlığımı bildirmək istərdim. Hesab edirəm ki, müzakirələr çox konstruktiv, faydalı şəkildə keçirilir. Sözsüz ki, millət vəkillərinin təklifləri, söylənilmiş dəyərli fikirləri Maliyyə Nazirliyi və digər iqtisadi orqanlar tərəfindən nəzərə alınacaq və büdcə proqnozlaşdırılması prosesində bunlardan istifadə ediləcəkdir. Burada bir neçə sual səsləndirildi. Mən istərdim, bunları müəyyən qruplaşdırma yolu ilə cavablandıram.
Əsas suallar regionların inkişafı problemlərinə həsr olunmuşdur. Burada məsələ qaldırılmışdır ki, regionların maliyyələşdirilməsinə əlavə vəsait ayrılmalıdır. Deputat Aydın Mirzəzadə Mingəçevirdə sənaye müəssisələrinin yenidən qurulması, regionlarda yeni müəssisələrin açılmasına şərait yaradılması barədə təkliflər irəli sürmüşdü. Ölkə Prezidenti tərəfindən qəbul edilmiş Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində bu məsələlər tədricən, mərhələlərlə öz həllini tapır və hökumətin vəsaitləri, maliyyə imkanları artdıqca bu problemlərin həllinə daha çox vəsait ayrılacaqdır. Dövlət hesabına hər hansı kommersiya yönümlü istehsal sahələrinin yaradılmasına gəldikdə isə qeyd etmək istərdim ki, bazar iqtisadiyyatı prinsiplərini nəzərə alaraq hökumət öz siyasətində daha çox bu kommersiya qurumları üçün infrastruktur layihələrinin həyata keçirilməsi, müvafiq biznes yaradılması yolu ilə bunların inkişafının təşviq edilməsi yolunda fəaliyyət göstərir. Bu fəaliyyət, o cümlədən sahibkarlığa müvafiq maliyyə imkanlarının təqdim edilməsi Sahibkarlığın İnkişaf Fondu vasitəsi ilə həyata keçirilir. Bildiyiniz kimi, ölkə Prezidentinin sərəncamına uyğun olaraq Azərbaycanda Dövlət İnvestisiya Şirkəti yaradılmışdır. Bunun da məqsədlərindən biri Azərbaycanda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, sahibkarlıq fəaliyyətinə müəyyən vəsaitlərin ayrılmasıdır. Burada həm deputat Mirzəzadə, həm də digər deputatlar tərəfindən Neft Fondundan sahibkarlığın inkişafı üçün vəsaitlərin ayrılması məsələsinə də toxunuldu. Bunu da qeyd etmək istərdim ki, artıq müəyyən mexanizmlər mövcuddur. Mən onları sadaladım, həm Sahibkarlığın İnkişaf Fondu, həm də Dövlət İnvestisiya Şirkətinə göstərdim. Bu mexanizmlər var, bank sistemi vasitəsi ilə sahibkarlara kreditlər verilməsi daha məqsədəuyğun bir alətdir.
Burada, eyni zamanda, büdcə təşkilatlarında əmək haqlarının aşağı olması, orta əmək haqqının artımı məsələsinə də toxunuldu. Onu da qeyd etmək istərdim ki, bu istiqamət ölkə başçısının diqqət mərkəzindədir. Bildiyiniz kimi, dövlət başçısının tapşırığına uyğun olaraq hal-hazırda minimum əmək haqqının məbləğinin 40 manatdan 50 manatadək artırılması üzrə işlər gedir, yəni bu işlər 2007-ci ilin büdcəsi hazırlanarkən nəzərə alınacaqdır.
Deputat Cəmil Həsənli Bakı ilə regionlar arasında müəyyən disproporsiyaların olması məsələsinə toxundu. Burada yenə də regionlara əlavə vəsait ayrılması məsələsi qaldırılmışdır. Məsələyə, hesab edirəm ki, mən artıq cavab verdim, buna daha çox planlı şəkildə regionların sosial inkişafının sürətləndirilməsi çərçivəsində baxılacaqdır. Əhalinin aztəminatlı təbəqəsinə əmək haqqı məbləğinin artırılması, o cümlədən pensiyalarının, minimum əmək haqqının yaşayış minimumu səviyyəsinə qaldırılması məsələsinə də toxunuldu. Bu istiqamətdə də bildiyiniz kimi, işlər görülür. “Ünvanlı sosial yardım haqqında” Qanun qəbul edilib. İndi bu qanunun həyata keçirilməsi üçün müvafiq əməli işlər görülür. Çox yaxın müddətdə, artıq iyulun 1-dən sosial yardıma ehtiyacı olan əhali kateqoriyalarına bu yardımın təqdim edilməsinə başlanacaqdır. Bir sıra deputatlar, eyni zamanda, müəllimlərin əmək haqlarının artırılması məsələsinə toxundular. Bu məsələyə də ümumi konsepsiyada baxılmalıdır. Minimum əmək haqlarının artırılması yolu ilə müəllimlərin əmək haqlarının artırılmasına da nail olacağıq. Eyni zamanda, onu da qeyd etmək istərdim ki, hal-hazırda Azərbaycanda beynəlxalq təşkilatların, ilk növbədə Dünya Bankının yardımı ilə təhsil sahəsində müəyyən islahatlar keçirilir. Artıq Dünya Bankı ilə məktəblərin maliyyə müstəqilliyi layihəsi üzrə işlər aparılır. Hesab edirik ki, bu layihələrin həyata keçirilməsi, təhsil sistemində struktur islahatların aparılması nəticəsində biz həm təhsilin səviyyəsinin artırılmasına, həm də təhsil sistemində çalışan azərbaycanlıların maddi güzəranının yaxşılaşdırılmasına nail ola biləcəyik.
Burada bir necə sual qaldırılmışdır. Deputat Fəzail Ağamalı müdafiə xərclərinə ayırmaların daha da artırılmasını önə çəkmişdir. Hesab edirəm ki, bu istiqamət üzrə ölkə başçısı məqsədyönlü siyasət aparır. Qeyd olundu ki, 2005-ci illə müqayisədə Azərbaycanın müdafiə xərcləri bugünkü artım nəzərə alınarsa, 222,8 faiz artıb. Bu çox mühüm, çox nəzərə çarpan artımdır. Bu istiqamətdə işlər davam etdiriləcək.
Qeyd etmək istərdim ki, burada bəzi deputatlar da təhsil və səhiyyə xərclərinin artırılmasına toxundular. Bu xərclərin büdcə xərclərində xüsusi çəkisinin artırılması məsələsini vurğuladılar. Ölkə iqtisadiyyatı inkişaf etdikcə ölkə iqtisadiyyatında, burada artıq qeyd olunduğu kimi, investisiya xərcləri, dövlətin strateji proqramlarının həyata keçirilməsinə xərclər artacaq. Yəqin ki, qeyri-mümkündür ki, eyni zamanda, həm müdafiə xərclərini, həm də digər kateqoriya xərclərini eyni səviyyədə və yaxud artırma istiqamətində inkişaf etdirək. Maliyyə nəzarəti məsələsi də müzakirələrdə böyük yer almışdır. Biz bununla tam razıyıq. Dövlət büdcəsi artdıqca, dövlətin investisiya xərcləri artdıqca bu xərclərə yönələn vəsaitlərin səmərəli istifadəsinə də nəzarət artmalıdır. Burada qeyd olundu ki, dövlət maliyyə nəzarəti haqqında qanun layihəsi hazırlanır. Ümidvarıq ki, bu il, yəni artıq payızda qanun layihəsi Milli Məclisə təqdim olunacaqdır.
Səhiyyə məsələlərinə də toxunuldu. Əsasən, millət vəkili Fazil Mustafayev qeyd etmişdir ki, məktəblərə də vəsait ayrılmalıdır. Burada bəzi məktəblərin vəziyyətinin acınacaqlı olduğu göstərilmişdir. Eyni zamanda, xəstəxanalarda vəziyyətin yaxşılaşdırılması məsələsi də vurğulanmışdır. Mən, sadəcə, qeyd etmək istədim ki, səhiyyə sistemində də struktur islahatlara ehtiyac var. Artıq bu istiqamətdə Səhiyyə Nazirliyi tərəfindən işlər görülür. Beynəlxalq təşkilatlarla dünya təcrübəsi öyrənilərək müvafiq layihələr həyata keçirilir. Onu deyə bilərəm ki, Dünya Bankı ilə səhiyyə sistemində islahatlar üzrə layihənin maliyyələşdirilməsi ilə əlaqədar kredit sazişinin imzalanması gözlənilir. Bu layihənin maliyyələşdirilməsində, eyni zamanda, Azərbaycan hökuməti də öz maliyyə vəsaitləri ilə iştirak edəcəkdir.
Burada bir neçə dəfə deputatlar tərəfindən Azərbaycanın bütün rayonlarına subsidiyaların verilməsi məsələsinə toxunulmuşdur. Millət vəkilləri, eyni zamanda, dotasiyaların azaldılması istiqamətində işlərin aparılmasını da ön plana çəkmişdilər. Mən yalnız bəzi statistik məlumatları gətirmək istərdim. Dotasiyalar var və yəqin, müəyyən müddət ərzində bu dotasiyalar davam edəcək. Amma biz dinamikanı nəzərə almalıyıq və burada dinamika müsbətdir. Əvvəlki illərdə mərkəzdən rayonlara dotasiyaların həcmi 87 faizə çatırdı. İndi isə dotasiyaların həcmi 65 faizə enib. Hesab edirik ki, bu, regionların sosial-iqtisadi inkişafının sürətləndirilməsi proqramının həyata keçirilməsi nəticəsində regionlarda yeni iş yerlərinin açılmasına, regionların maliyyə-iqtisadi müstəqilliyinin artırılmasına zəmin yaradacaqdır və bunun nəticəsində dotasiyaların həcmi azala bilər.
Deputat Bahar Muradova Füzuli və Ağdam rayonlarında məcburi köçkünlərin məskunlaşdıqları ərazilərdə salınmış qəsəbələrdəki bəzi problemlər barədə danışdı və burada suya böyük ehtiyacın olmasını diqqətə gətirdi. Mən yalnız onu deyə bilərəm ki, bu işlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən həyata keçirilir. Siz bilirsiniz ki, ölkə Prezidentinin sərəncamlarına uyğun olaraq Dövlət Neft Fondundan davamlı olaraq müvafiq vəsaitlər ayrılır. Bu vəsait hesabına nəinki su təminatı və eyni zamanda, elektrik enerji təminatı məsələləri də həll olunur. Amma qeyd olunan nasos stansiyaları, suvarma məsələlərinə, yəqin ki, 2007-ci ilin büdcəsi hazırlanarkən nəzər yetirəcəyik.
Burada əmanətlərin qaytarılması məsələsinə bir neçə millət vəkili tərəfindən toxunuldu. Hesab edirəm ki, heç kəsdə şübhə olmamalıdır ki, bu layihə həyata keçiriləcək və bunun üçün 2006-cı ilin dövlət büdcəsində müvafiq vəsaitlər ayrılıb. Hal-hazırda bu əmanətlərin inventarlaşdırılması üzrə Kapital Səhmdar Bankı tərəfindən işlər aparılır. Müvafiq qanun layihəsi üzrə də işlər gedir. Çox qısa müddət ərzində bu işlər yekunlaşacaq. Bundan sonra Milli Məclisə təqdim olunacaq.
Deputat Əli Məsimov tərəfindən bir neçə mühüm problemlərə, o cümlədən dövlətin ortamüddətli dövr üçün inkişaf strategiyasının müəyyən edilməsi məsələsinə toxunuldu. Holland sindromu ilə bağlı tədbirlərin həyata keçirilməsi və sair məsələlər, yəqin ki, Azərbaycan üçün mühüm məsələlər olaraq qalacaqdır. Hökumət bu məsələləri bilir, bu məsələlərin mənfi təsirlərinə bələddir və müvafiq tədbirlər həyata keçiriləcəkdir.
Burada bəzi rayonlarda olan problemlərə də toxunuldu. Millət vəkili Vasif Əliyev tərəfindən Astaradakı problemlərə toxunuldu. Hesab edirəm ki, 2007-ci il büdcəsi hazırlanarkən bu məsələlərə baxıla bilər. Həm təhsil, həm də səhiyyə sistemində irəliləyişlərə nail oluna bilər.
Deputat Əli Əhmədov təhsilin inkişafı məsələlərinə öz çıxışında böyük yer ayırdı. Bu istiqamət, artıq qeyd etdiyim kimi, ölkə Prezidentinin diqqət mərkəzindədir. Təhsil və səhiyyə sahələrində islahatlar Azərbaycan iqtisadiyyatı üçün, onun inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Burada söhbət ilk növbədə struktur islahatın həyata keçirilməsindən gedir. Bu yolla biz həm təhsildə, həm də səhiyyədə işləri xeyli düzəldə biləcəyik. Eyni zamanda, deputat Əli Əhmədov Azərbaycan gənclərinin xaricdə təhsil almaları məsələsinə toxundu və bunun məqsədəuyğun olduğunu bildirdi. Mən bu yanaşma ilə şəxsən tam razıyam. Sadəcə, mən qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri və Amerikanın işgüzar adamlarının qarşısında çıxışları zamanı bu məsələyə xüsusi yer ayrılmışdır. Cənab Prezident öz çıxışlarında qeyd etmişdir ki, Azərbaycan hökuməti Azərbaycan gənclərinin xaricdə təhsil alması üçün xüsusi tədbirlər proqramı hazırlayıb. Bu məqsədlə müvafiq vəsaitlərin ayrılması nəzərdə tutulacaq.
Eyni zamanda, burada cənab Əli Əhmədov cari problemə də toxundu. Bu da Türkiyədə təhsil alan tələbələrə verilən təqaüdün aşağı olması məsələsidir. Bu məsələ ilə biz tanışıq. Hal-hazırda məsələnin həlli istiqamətində işlər gedir. Yəqin ki, bu məsələ öz həllini tapacaqdır.
Deputat Xudiyev Abşeron rayonunda sosial obyektlərin yaradılması məsələsinə də toxundu. Hesab edirəm ki, bu məsələlər də regionlarda görülən işlər çərçivəsində öz həllini tapacaq və 2007-ci il üçün büdcənin hazırlanması zamanı nəzərə alınacaqdır. Ümumiyyətlə, mən millət vəkillərinin çıxışlarından belə qənaətə gəldim ki, əksər millət vəkili təqdim olunmuş qanun layihəsini dəstəkləyib və onun təsdiq edilməsinə səs verməyə hazırdırlar. Mən fürsətdən istifadə edərək bir daha hörmətli millət vəkillərindən bu qanun layihəsinə səs verməyə və eyni zamanda, qanun layihəsini dəstəkləməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hökumət üzvlərindən çıxış eləmək istəyən yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. On iki millət vəkili çıxış etdi. Xahiş edirəm. Necə?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sizinlə birlikdə 18 nəfər çıxışa yazılıb. Təklif olunur, layihə səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Xahiş edirəm, durmayasınız, əyləşin. Yenə deyirəm, xahiş edirəm, qanun-qayda ilə təklif olundu, səsə qoyduq. Qanun layihəsini, xahiş edirəm, diqqətlə oxuyun. Sizdən başqa 18 deputat yazılıb. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 14.51 dəq.)
Lehinə  79
Əleyhinə  4
Bitərəf  1
Səs vermədi  3
İştirak edir  87
Nəticə: qəbul edildi

Mən sizə söz verəcəyəm.
Deməli, müzakirələr dayandırıldı. Bu iki qanun layihəsini ayrı-ayrılıqda səsə qoymalıyıq.
“Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 14.52 dəq.)
Lehinə  86
Əleyhinə  3
Bitərəf  0
Səs vermədi  1
İştirak edir  90
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
“Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2006-cı il büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə qanun layihəsinə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 14.53 dəq.)
Lehinə  88
Əleyhinə  2
Bitərəf  0
Səs vermədi  1
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Hörmətli hökumət nümayəndələri, çox sağ olun.
Gündəliyin üçüncü məsələsinə keçirik. Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə danışmaq üçün Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynova söz verilir.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş şəxslər! Respublikamız dövlət müstəqilliyi əldə etdikdən sonra ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin hüquq sistemində aparılmış köklü islahatlar nəticəsində ədliyyə fəaliyyəti demokratik dəyərlərə və müasir standartlara uyğun olaraq qurulmuş, ədliyyə orqanlarının cəmiyyətdə rolu və nüfuzu xeyli artmışdır. Ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatları çərçivəsində ədliyyə orqanlarının üzərinə yeni və mühüm vəzifələr qoyulmuş, ədliyyə orqanlarının fəaliyyəti müasir tələblərə uyğunlaşdırılmışdır.
Qeyd etməliyəm ki, təkcə son 5 il ərzində ədliyyə fəaliyyəti ilə bağlı yüzdən çox normativ hüquqi akt qəbul olunmuş, on beşə yaxın beynəlxalq sənəd üzrə mərkəzi və əlaqələndirici orqan qismində Ədliyyə Nazirliyi çıxış etmişdir. Hazırda ədliyyə sahəsində dövlət siyasətini həyata keçirən Ədliyyə Nazirliyi ədliyyə orqanları tərəfindən normativ hüquqi akrların hüquqi ekspertizası, uçotu və dövlət qeydiyyatı aparılır, qanunvericiliyin təkmilləşdirilməsi, hüquqi maarifləndirilmə işinin yenidən müasir standartlara uyğun olaraq həyata keçirilməsi işi davam etdirilir. Məlumat üçün bildirmək istəyirəm ki, respublikamızın 9 regionunda hüquqi məsləhət xidmətləri mərkəzi yaradılmışdır. Eyni zamanda, bilirsiniz ki, parlamentdə qəbul olunmuş Məhkəmə qərarlarının icrası haqqında qanunun tələblərinə uyğun olaraq məhkəmə qərarlarının icrası ilə bağlı xüsusi qurum yaradılmış və həmin bu qurum işini yeni standartlara uyğun təşkil etmişdir. Uzun illər boyu Azərbaycanda məhkəmə qərarlarının icrası, bilirsiniz ki, daim problem olmuşdur. Amma 2005-ci ilin statistikası göstərir ki, məhkəmə qərarlarının 91 faizi icra olunmuşdur. Hesab edirəm ki, bu çox mühüm bir nəticədir. Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri fəaliyyəti də ədliyyə orqanları tərəfindən, Ədliyyə Nazirliyi tərəfindən həyata keçirilir. Bu sahədə əvvəllər də müəyyən problemin olmasına baxmayaraq son dövrlər atılmış addımlar nəticəsində bir çox irəliləyişlər əldə olunmuşdur. Cənab Prezident tərəfindən Hüquqi şəxslərin dövlət qeydiyyatı və reyestri haqqında qanuna təqdim olunmuş əlavə nəticəsində kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı mövcud problem, demək olar ki, həllini tapmışdır.
Ədliyyə orqanları tərəfindən notariat fəaliyyətinə də rəhbərlik edilir. Məhkəmələrin fəaliyyətinin təşkilatı, təminatı və məhkəmə statistikasının bütün növ məhkəmələrdə məhkəmə ekspertizasının aparılması işi həyata keçirilir. Hörmətli millət vəkilləri, müasir dövrdə cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən iqtisadi inkişafın, iqtisadi islahatların məhkəmə-hüquq sistemi ilə birbaşa əlaqəsinin mövcud olması göz qabağındadır. Notariat sistemi, hüquqi şəxslərin dövlət qeydiyyatı və sair məsələlər bunun bariz nümunəsidir.
Bütün bunlarla yanaşı, qeyd etmək istəyirəm ki, cəzaların icrasına nəzarət və ekstradisiya məsələləri də ədliyyə orqanlarının səlahiyyətindədir. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, Sovetlər Birliyinə daxil olmuş dövlətlər arasında Azərbaycanda ilk dəfə olaraq cəzaçəkmə sistemi Daxili İşlər Nazirliyi tabeliyindən Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Beləliklə, istintaq və islah məsələləri tamamilə demokratik dəyərlərə uyğun olaraq bir-birindən ayrı-ayrı sahələrdə fəaliyyətə keçirilir. Penitensiar sahənin inkişafına xüsusi diqqət ayrılmış, son dövrdə səhiyyə xidməti penitensiar sistemin tərkibindən çıxarılaraq Ədliyyə Nazirliyinin tabeliyinə verilmişdir. Cəzaların icrasının idarədaxili nəzarətini həyata keçirən xüsusi müfəttişlik yaradılmışdır. Təqdirəlayiq haldır ki, Avropa Şurasının rəsmiləri və ekspertləri tərəfindən Azərbaycanın cəzaçəkmə yerlərində saxlama şəraiti və aparılan işlər daim müsbət qiymətləndirilmişdir.
Hörmətli həmkarlarım, gördüyünüz kimi, ədliyyə orqanlarının fəaliyyəti çoxsahəli və genişdir. Ədliyyə orqanları, eyni zamanda, Azərbaycan Respublikası adından xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla hüquqi yardım və əməkdaşlıq haqqında müqavilələrin bağlanmasını, onların icrasını təmin edir, müxtəlif sahələrdə hüquqi yardım göstərilməsi, o cümlədən qeyd etdiyim kimi, cinayət törətmiş şəxslərin verilməsi, yəni ekstradisiya məsələlərinin həlli ilə məşğul olur. Bununla yanaşı, cənab Prezidentin tapşırıqlarının icrası ilə bağlı nazirlik tərəfindən ədalət mühakiməsinin səmərəsinin artırılması və məhkəmə sisteminin müasirləşdirilməsi üzrə kompleks tədbirlərin keçirilməsində iştirak edir. Məhkəmə-Hüquq Şurasında, Hakimlərin seçki komitəsində və bir sıra işçi qruplarında fəaliyyət göstərir. Qeyd olunanlarla bağlı, habelə ədliyyə işçilərinin fəaliyyətini tənzimləyən normativ hüquqi aktların yeni müasir tələblərə uyğunlaşdırılması üçün cənab Prezident tərəfindən 2006-cı il 18 aprel tarixli fərmanla Ədliyyə Nazirliyi haqqında yeni Əsasnamə təsdiq edilmişdir. Bu əsasnaməyə görə Ədliyyə Nazirliyi qanunvericiliklə müəyyən edilmiş fəaliyyət istiqamətinə uyğun olaraq ədliyyə sahəsində dövlət siyasətini tənzimləyən və həyata keçirən hüquq mühafizə orqanı statusu olan mərkəzi icra hakimiyyəti orqanıdır.
Hörmətli millət vəkilləri, bu gün müzakirənizə təqdim olunmuş Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanun layihəsi cənab Prezidentin fərmanının ruhuna uyğun olaraq və eyni zamanda, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.3-cü maddəsinə müvafiq hazırlanmışdır. Məlumat üçün bildirmək istəyirəm ki, “Dövlət qulluğu haqqında” Qanunun 2.3-cü maddəsinə uyğun olaraq prokurorluq, ədliyyə, milli təhlükəsizlik, daxili işlər, gömrük, vergi, xarici işlər orqanlarında xidmət keçmə haqqında xüsusi qanunlar qəbul olunur. Təbii ki, bu qanunlar bütövlükdə “Dövlət qulluğu haqqında” Qanunun ümumi fəlsəfəsinə uyğun olmalıdır. Amma bu sahələrlə bağlı xüsusi qanunlar qəbul olunur.
Ədliyyə orqanlarında xidmət keçmə haqqında qanun layihəsini biz indi təqdim edirik. Hesab edirəm ki, ölkəmizdə son dövrdə həyata keçirilən məhkəmə-hüquq islahatlarının müasir, yeni mərhələsində tamamilə üst-üstə düşən bir qanun layihəsidir. Bu qanun layihəsi ədliyyə orqanlarında, idarələrində və təşkilatlarında, penitensiar xidmətdə qulluq keçmə qaydalarını və şərtlərini, bu orqanların işlərinin hüquqi vəziyyətinin əsaslarını müəyyən edir. Ədliyyə orqanlarında qulluq Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan ədliyyə orqanlarının qanunvericilikdə nəzərdə tutulan fəaliyyət istiqamətləri üzrə səlahiyyətlərini həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi bir növüdür. Bu qanun layihəsi respublikanın qanunvericiliyi ilə müəyyən edilmiş şərtləri həyata keçirən və xüsusi rütbələr nəzərdə tutan vəzifələrdə çalışan Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyinin mərkəzi aparatları, penitensiar xidmət, dövlət notariat kontorları, yerli dövlət qeydiyyat orqanları, regional qurumları, məhkəmə nəzarətçiləri və icraçıları qurumları, eyni zamanda, bu sahə ilə bağlı olan tibbi xidmət, əhalinin dövlət reyestri, tədris, elm və məhkəmə-ekspertiza orqanları işçilərinə şamil olunur.
Qanun layihəsi 8 fəsildən və 43 maddədən ibarətdir. Layihənin I fəsli, yəni ümumi müddəalar ədliyyə orqanlarında qulluq keçmənin hüquqi əsaslarını və qanunun tətbiqi sahəsini müəyyən edir. II fəsil ədliyyə orqanlarına qulluğa qəbul, onun şərtləri və qaydaları, işçilərin vəzifəyə təyin və vəzifədən azad edilməsi, ədliyyə işçisinin andı, ədliyyə orqanlarında stajorluq və sınaq keçmə məsələlərinə həsr edilmişdir. Ədliyyə orqanlarında qulluğa qəbul “Dövlət qulluğu haqqında” Qanuna uyğun olaraq vətəndaşların dövlət qulluğuna girmək hüququna, qulluğa qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsinə aid müddəaları nəzərə almaqla bu qanun və respublikanın digər qanunvericilik aktları ilə tənzimlənir.
Qanun layihəsinin III fəsli ədliyyə orqanlarında qulluq keçmənin şərtlərini, o cümlədən ədliyyə orqanları işçilərinin əsas hüquq və vəzifələrini müəyyən edir, peşə hazırlığı və ixtisasların artırılması, işçilərin attestasiyası, onların iş və istirahət vaxtı, ədliyyə orqanlarında qulluq keçmə ilə bağlı digər məsələləri tənzimləyir. Xüsusi olaraq ədliyyə orqanlarında qulluqla bir araya sığmayan fəaliyyət qeyd edilir. Belə ki, ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta bilməz, elmi-pedaqoji yaradıcılıq fəaliyyətindən başqa heç bir sahibkarlıq, kommersiya və digər ödənişli fəaliyyətlərlə, həmçinin siyasi fəaliyyətlə məşğul ola və siyasi partiyaların üzvü ola bilməz. IV fəsil ədliyyə orqanları işçilərinin xüsusi rütbələrinə və onların verilməsi qaydasına həsr edilmişdir. Layihənin V fəslində ədliyyə orqanları işçilərinin hüquqi və sosial müdafiəsi, maddi təminat məsələləri əks olunmuşdur. Eyni zamanda, bu fəsildə ədliyyə orqanı işçilərinin tibbi təminatı, onların xüsusi geyim forması ilə təchiz olunması, onlara xidməti islahatın verilməsi məsələləri açıqlanmışdır. Qanun layihəsinin VI fəsli ədliyyə orqanları işçilərinin həvəsləndirilməsi və onların məsuliyyət məsələlərinə həsr olunmuşdur. Burada ədliyyə orqanları işçiləri barəsində tətbiq edilə bilən həvəsləndirmə və intizam tədbirləri sadalanır, işçilərin həvəsləndirilməsi və intizam məsuliyyətinə cəlb edilməsinin qaydası tam açıqlıqla göstərilir. Layihənin VII fəsli penitensiar xidmətdə qulluq keçmənin xüsusiyyətlərini təklif edir.
Hörmətli millət vəkilləri, hesab edirəm ki, tamamilə düzgün olaraq cəzaçəkmə sistemində xidmət, bu xidmətin spesifik elementləri, xüsusiyyətləri nəzərə alınmaqla ayrıca bir fəsildə öz əksini tapmışdır. Bu fəsildə, eyni zamanda, penitensiar xidmətə qəbulun xüsusiyyətləri, həmin xidmətdə qulluq keçmə, penitensiar xidmətdə qulluq keçmənin şərtləri, xidmətin əməkdaşlarına verilən təminatlar, xidmətdə qulluq keçmənin yaş həddi və xidmət işçilərinin pensiya təminatı məsələləri ayrıca olaraq əksini tapmışdır ki, bu da bütövlükdə cəzaçəkmə sisteminin xüsusiyyətləri ilə bağlıdır. Nəhayət, layihənin sonuncu fəsli ədliyyə orqanlarında qulluq keçmənin xitam verilməsi və ədliyyə orqanlarına bərpa olunma məsələlərinə həsr edilmişdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən göndərilən Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanun layihəsinin zəruriliyini və kifayət qədər mükəmməl hazırlandığını, mövcud qanunvericilik texnikasına uyğun olduğunu nəzərə alaraq, qanun layihəsini müzakirə edərək bir oxunuşda qəbul olunmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin  müavini  B.Muradova  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Əli müəllim. Müzakirələrə keçirik. Eyni zamanda, müzakirələrdən əvvəl Əli müəllimin son fikrini sizin müzakirənizə buraxırıq. Bu qanun layihəsinin birinci oxunuşda qəbuluna etiraz yoxdur ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Keçirik müzakirələrə. Tahir Rzayevə söz verilir.
T. Rzayev. Sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Azərbaycanda ədliyyə sisteminin təkmilləşdirilməsi, ədliyyə orqanları işçilərinin məsuliyyətinin artırılması və keyfiyyət tərkibinin yaxşılaşdırılması sahəsində ciddi addımlar atılır. Ölkədə yaradılmış demokratik şərait, insanların hüquq və mənafelərinin hərtərəfli müdafiəsinə yönəldilən səylər ədliyyə orqanlarından da öz fəaliyyətlərini yenidən daha səmərəli qurmağı tələb edir. Sözsüz ki, bundan sonra da Ədliyyə orqanlarında islahatların davam etdirilməsi çox zəruridir. Bizə təqdim olunan Ədliyyə orqanlarında qulluq keçmə haqqında Azərbaycan Respublikası qanununun layihəsi də məhz bu vacib məqsədə xidmət edir. Mən bu qanunun vacibliyini, eləcə də hərtərəfli hazırlanmasını qeyd etməklə, sözsüz, onun lehinə səs verəcəyəm. Bununla bərabər müəyyən məqamlara öz münasibətimi bildirmək istərdim.
Qanun layihəsində “Əsas anlayışlar” maddəsinin də olması çox vacibdir. Qanun layihəsində elə hüquq terminləri işlədilib ki, onların izahına ehtiyac var. Məsələn, penitensiar xidmət, penitensiar müəssisə, qohumluq və sair kimi hüquq terminlərinin açılması və izahatının verilməsi vacibdir. Qanun layihəsində göstərilir ki, cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş şəxslər ədliyyə orqanlarında qulluğa qəbul edilə bilməzlər. Burada hansı xarakterli cinayətlərdən bəhs olunduğu isə aydın deyil. Əlbəttə, cinayətkar təbiətli, əliəyri, dələduz, rüşvətxor, oğru, mənəviyyatını itirmiş insanların ədliyyə orqanlarına yaxın buraxılması qeyri-mümkündür. Ancaq cinayətlər müxtəlifdir. Bəzi insanlar özləri bilmədən bir çox hallarda məcbur olub cinayətə yol verirlər. Kimsə ailəsinin ləyaqətini bir xuliqandan qoruyarkən, kimsə bir qulduru zərərləşdirərkən, kimsə ictimai yerdə insanların hissiyyatını tapdalayan bir sərxoşu susdurarkən, kimsə təsadüfi maşın qəzası nəticəsində bu əməllərə yol verə bilər. Belə hallar həmin insanların hər hansı bir orqana, eləcə də ədliyyə orqanlarına qulluğa qəbul edilməsi zamanı nəzərə alınmalıdır. Onların törətdikləri əməllər hərtərəfli araşdırılmalı və gələcəkdə onların bu orqanlarda işə götürülməsinə mane olmamalıdır.
Qanun layihəsində göstərilir ki, ədliyyə orqanları işçilərinin qulluqda olmasının həddi 60 yaşdır. Həmçinin qeyd edilir ki, ədliyyə orqanlarında qulluqda olma müddəti hər dəfə bir ildən çox olmayaraq uzadıla bilər. 65 yaşına çatmış işçilərin ədliyyə orqanlarında qulluqda olma müddətinin uzadılmasına yol verilmir. Təklif edərdim ki, Azərbaycan vətəndaşları, kişilər 62 yaşda pensiyaya çıxdıqları üçün ədliyyə orqanları işçilərinin ədliyyə orqanlarında qulluqda olmasının həddi də 62 yaş kimi göstərilsin. Bildiyimiz kimi, özəl universitetlərin hüquq fakültələrini hər il onlarla gənc oğlan və qız bitirir. Ancaq özəl tədris müəssisələrini bitirdiklərinə görə onların, demək olar ki, əksəriyyəti hüquq mühafizə orqanlarına, eləcə də ədliyyə orqanlarına işə qəbul edilmirlər. Belə olduqda gənclər fəal ictimai həyatdan təcrid olunurlar. Onlarda bədbinlik yaranır. Halbuki özəl universitetlərin hüquq fakültələrini bitirən gənclər arasında savadlı, qabiliyyətli, bu peşəni sevən insanlar az deyil. Onlar hökumətin təsdiq etdiyi müəyyən əsasnamələr, test üsulu ilə bu institutlara qəbul olunur və oxuduqları müddətdə xeyli xərc çəkirlər.
Təklif edirəm ki, müəyyən əsaslarla bu adamlar ədliyyə orqanlarına, eləcə də hüquq mühafizə orqanlarına qəbul edilsinlər, ya da özəl universitetlərin hüquq fakültələrinə qəbula ehtiyac olmadığı bildirilsin. Mən bir daha bu qanunun zəruriliyini qeyd edirəm və bildirmək istəyirəm ki, qanun layihəsi hərtərəfli hazırlanıb və deputat həmkarlarımı buna səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Tahir müəllim. Fazil Mustafayevə söz verilir.
F. Mustafayev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ədliyyə orqanlarında xidmət keçmənin prinsiplərini, fəlsəfəsini və mahiyyətini müəyyənləşdirmək, bütövlükdə ədliyyə sistemini beynəlxalq standartlara uyğunlaşdırmaq üçün belə bir qanuna ehtiyac var. Amma bu qanun layihəsinin birinci oxunuşda qəbul olunmasının mən də prinsipcə əleyhinə deyiləm. Amma ciddi iradlar var ki, bunları operativ düzəltmək mümkündürsə, onda layihəni qəbul eləmək olar. Mümkün deyilsə, gələcəkdə müəyyən sualların ortaya çıxmasına səbəb ola bilər. Bizdə ədliyyə sistemi bütövlükdə ədalət mühakiməsi sistemində hələ öz yerini dəqiq müəyyən etməyib. Ədalət mühakiməsinin heç bir mərhələsində Ədliyyə Nazirliyinin, ədliyyə sisteminin yeri görünməməkdədir və ancaq Məhkəmə-Hüquq Şurasında və ədalət mühakiməsində belə bir orqanın iştirakı təsəvvür edilir. Amma, əslində, nə istintaqda, nə ittihamda, nə mühakimədə, nə də ədalətin bərpası prosesində iştirak edirsə, bu adın açıqlanması çox çətindir. Məhz bu yanaşmadan irəli gələrək Ədliyyə Nazirliyinin dövlət idarə və icra hakimiyyəti sistemində yeri dəqiqləşmədiyinə görə qanun layihəsində onu hüquq mühafizə orqanları sisteminə daxil edirlər. Əslində, ingiliscədən tərcüməsində, “hüququn təsdiqini məcbur edən orqanlar” mənasını verir. Siz təsəvvür eləyin ki, Ədliyyə Nazirliyi elmi ekspertiza, notariat, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı, təhsil və sair fəaliyyəti ilə hüququn təsdiqinə məcbur edən orqan kateqoriyasına daxil ola bilməz. Hətta cəzaların icrası sistemi və ədliyyə polisi hüququn təsdiqinə məcbur edən orqanlar hesab edilə bilməzlər. Onlar hüququn təsdiqi ilə deyil, məhz məhkəmə qərarlarının icrası ilə məşğuldurlar. Ona görə də bu tanıdımı biz dəqiq verməliyik. Ədliyyə Nazirliyini biz hüquq mühafizə sisteminə daxil edə bilmərik. Mən bunu ciddi araşdırdım və burada çox ciddi problem ortaya çıxa bilər. Bu həm də vətəndaş cəmiyyəti prinsiplərinə də zidd gələr, kifayət qədər iradların səslənməsinə səbəb ola bilər.
Burada ikinci problem ədliyyə işçisinin andı məsələsidir. Ədliyyə işçisinin aşağıdan yuxarıya hamının and içməsinə nə ehtiyac var? Burada kateqoriya dəqiqləşdirilməlidir. Kimlər and içməlidirlər? Süpürgəçinin and içməsinə nə ehtiyac var? Ədliyyə orqanının adi bir işçisinin, texniki personalının və ya başqa şəxsin and içməsinə ehtiyac varmı? Burada kateqoriya dəqiqləşdirilməsə, bir qədər doğru olmaz, çünki fəaliyyəti hüquqi və mənəvi borcla bağlı olmayan vətəndaşları and içdirmək heç bir məntiqə sığmır.
Digər bir vacib məsələ 9-cu maddədə göstərilibdir. Burada konstitusion hüquqlar sadalanıb. Əslində, bu cür qanunlarda məhz spesifik hüquqlar göstərilməlidir. Əgər bilavasitə ədliyyə işçisinə aid olan hüquqlar göstərilmirsə, konstitusiya normalarının burada sadalanmasına heç bir ehtiyac yoxdur. Yəni bunlar Konstitusiyada var, artıq qanuna istinad etmədən Konstitusiyaya söykənərək bunu izah etmək mümkündür. Ona görə də hesab edirəm ki, bu cür konstitusion hüquqların, spesifik olmayan hüquqların burada yer alması doğru sayıla bilməz. Bu kimi məsələlərdə birinci növbədə məhz ədliyyə sisteminin dəqiq funksiyalarını müəyyən etməyə nail olmalıyıq. Biz Azərbaycanda ədliyyə sisteminin məhz ədalət mühakiməsi ilə bağlı proseslərə cəlb etməyi, onun həmin proseslərdə aparıcı mövqeyini təsdiq etməyi bacarmalıyıq. Bu olmasa, sadəcə, “ədliyyə” sözünün qalması problemi həll etməyəcəkdir və bu, əvvəl-axır yeni iradların səslənməsinə səbəb olacaqdır. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
 O.Əsədov  sədrlik edir

Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Təşəkkür edirəm. Son zamanlar Azərbaycan qanunvericiliyində edilən dəyişikliklər, təbii ki, Azərbaycanın Avropaya doğru yol tutduğunu sübut edir. Yeniləşən Azərbaycanda müasir tipli qanunların lazım olması heç kimdə şübhə doğurmur. Məhz bu qanun da Azərbaycan qanunlarının müasirləşməsinə böyük bir təkan verən qanunlardan biri olacaqdır.
Bir neçə məsələnin üstündə durmaq istəyirəm. Qeyd eləmək istəyirəm ki, mən də bu qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da bunu dəstəkləməyə çağırıram. Xüsusən də son zamanlar penitensiar sistemində olan islahatlar və bu sistemdə qulluq edənlər üçün müasir şəraitin yaradılması çox vacibdir. Bir neçə vacib məqam da ondan ibarətdir ki, qanunun tətbiq sahəsi də böyümüş və xüsusi olaraq ədliyyə sisteminin tədris, elm və məhkəmə ekspertizası, tibb xidmətində işləyən insanlara tətbiq olunması çox vacibdir. Bu yaxınlarda bununla bağlı bizə bir neçə müraciət olmuşdu. Uzun müddət ədliyyə sistemində işləyən, amma elm və ya təhsil sahəsi ilə bağlı olan insanlar ədliyyə sistemində olan məsələlərdən yararlana bilmirdilər.
Xüsusən bir məsələyə diqqət cəlb eləmək istəyirəm. Bu məsələ III fəslə aiddir. Təkliflərimizi yazılı surətdə verəcəyik. Bunlar işə götürmə ilə bağlı məsələlərdir. Burada həmin məsələni bayaq vurğuladılar. Son zamanlar hüquq sahəsində gənclərin çoxlu diplom alması, ümumiyyətlə, universitetlərin çoxlu hüquqşünas hazırlaması bəzi problemlər yaradır. Ona görə də ədliyyə sistemində onların işə götürülməsinə nəzarətin gücləndirilməsi lazımdır. Hüquq təhsili alan insan gərək düşünsün ki, diploma görə oxumur, müəyyən savad, bilik almağa görə oxuyur və sabah o, böyük imtahan verməli olacaq. Bu problemin məhz burada da hansısa bir şəkildə qoyulması vacibdir, çünki ədliyyə sistemi insanların birbaşa taleyi ilə bağlı məsələdir. Sonda daha bir məqama toxunmaq istəyirəm. Bu, ədliyyə sistemində təqaüdə çıxmaq ilə bağlıdır. Hazırda ədliyyə sistemində çoxlu yaşlı insanlar çalışırlar. Təbii, onların təcrübəsi hər bir gənc üçün vacibdir. Amma onlar da gənclərə yol verməlidirlər ki, savadı olan gənclər həmin işə yaraya və qısa bir müddətdə böyük praktika əldə edə bilsinlər. Bu qanun layihəsini hazırlayanlara təşəkkür edirəm və hesab edirəm ki, çox vacib və lazım olan bir qanun layihəsidir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanun layihəsini Əli müəllim çox yaxşı təqdim etdi. Mən də onu dəstəkləyərək bildirmək istəyirəm ki, bu qanun Ədliyyə Nazirliyinin işçiləri üçün çox vacib və önəmlidir. Azərbaycanın hüquqi, demokratik, dünyəvi bir dövlət kimi inkişafında ədliyyə orqanlarının üzərinə böyük və əhəmiyyətli vəzifə qoyulur. Dövlət əhəmiyyətli vəzifələrin keyfiyyətli icrası peşəkar kadrlardan asılıdır. Daxili inzibati münasibətlərin qanun səviyyəsində tənzimlənməsi bir daha sübut edir ki, Azərbaycanın hüquqi dövlət quruculuğu istiqamətində addımları qətiyyətlidir. Təqdirəlayiq haldır ki, icra sisteminin şəffaflığı arzusu ilə icra hakimiyyəti özü çıxış edir. Qanun layihəsi Prezidentin təşəbbüsü ilə parlamentdə müzakirəyə çıxarılmışdır. Bu qanun layihəsinin məqsədi Azərbaycan Respublikasının ədliyyə orqanlarında qulluq keçmə qaydalarını və şərtlərini, ümumilikdə, icrasını, hüquqi vəzifələrini və əsaslarını müəyyən etməkdir.
Bununla bağlı mənim bir neçə təklifim var. Xahiş edirəm, 23.3-cü maddəyə fikir verəsiniz. Burada söhbət ədliyyə orqanlarının işçilərinin hər il məzuniyyətə çıxarkən onlara bir aylıq əmək haqqı həcmində müavinət ödənilməsindən gedir. Prokurorluq haqqında da bu cür qanun qəbul olunub. Yaxşı olardı ki, biz bunları eyniləşdirək. Bir aylıq əmək haqqının əvəzinə iki aylıq əmək haqqı həcmində müavinətlər ödənilsin. Bunu etsək, ədliyyə orqanları işçilərini prokurorluq işçiləri ilə eyniləşdirə bilərik.
Diqqətinizi 36-cı maddəyə yönəltmək istəyirəm. Orada penitensiar xidmətdə qulluq şərtlərindən söhbət gedir. Təklif edirəm ki, 36.4-cü bəndə qulluq illərinə görə əlavə məzuniyyət verilməsi daxil edilsin. Burada hər il verilən əsas məzuniyyət, xəstəliyə görə və qısamüddətli məzuniyyət göstərilir. 36.4.4-cü bənd qulluq illərinə görə əlavə məzuniyyət kimi qeyd olunsun. 36-cı maddəyə 14-cü bəndin əlavə olunmasını xahiş edərdim. Təklif edərdim ki, penitensiar xidmətdə qulluq illərinə görə ödənişli əlavə məzuniyyətlər də müəyyən olunsun. İcazə versəniz, bunun təsnifatını sizin üçün səsləndirərdim. 36.14.1-ci bənddə 10 ildən 15 ilədək qulluq illərinə görə 5 təqvim günü, 36-cı maddənin 14.2-ci bəndində 15 ildən 20 ilədək qulluq illərinə görə 10 təqvim günü, sonda həmin maddənin 14.3-cü bəndində 20 il və daha çox qulluq illərinə görə 15 gün məzuniyyət əlavə edilsin.
Mən də hesab edirəm ki, qanun layihəsində heç bir ciddi problem yoxdur. Səsləndirilən bəzi iradlarla bağlı fikrimi bildirmək istərdim. Bu qanun layihəsində ədliyyə orqanlarında çalışan vəzifəli şəxslərdən söhbət gedir. Orada texniki işçilər barəsində tamamilə başqa şərtlər var. Bu qanunu qəbul etməklə biz ədliyyə orqanlarının gələcəkdə daha da ciddi, səmərəli işləmələrinə şərait yarada bilərik. Təklif edirəm ki, qanun layihəsinin müzakirəsini payız sessiyasına saxlamayaq və bir oxunuşda bunu qəbul edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami İsgəndərov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Səsə qoyaq? İki nəfər çıxış etdi. Sonra Pənah bəy deyəcək ki, mənim adımdan səsə qoyurlar. Pənah bəyə söz verəcəyəm.
N. İsgəndərov. Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar! Bu gün parlamentin müzakirəsinə təqdim olunmuş Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanun layihəsi Azərbaycan Respublikasında hüquqi dövlət quruculuğunda mühüm rolu olan Ədliyyə Nazirliyində qulluq keçən insanlar üçün vacib bir sənəddir. Hörmətli Əli Hüseynovun təqdim elədiyi bu qanun layihəsindəki müddəalarla mən razılaşıram və onun söylədiklərini dəstəkləyirəm. Hörmətli Rövşən müəllimin söylədikləri ilə fikirlərimiz üst-üstə düşür. Mən də qanun layihəsinə 36.4.4. və 36.14-cü maddələrin bu qanuna əlavə olunmasını təklif edərdim. Son olaraq layihədə ciddi əlavə və dəyişikliklər edilməsinə ehtiyac olunmadığına görə qanunun bu gün qəbul olunmasını təklif edirəm. Həmkarlarımdan bu qanun layihəsinə səs verməyi xahiş edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Vahid Əhmədov.
V.Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim sualım var. Qanun layihəsinin 9.0.6-cı maddəsində yazılıb: “əmanətlərdən (depozitlərdən), qiymətli kağızlardan, rentadan və icarədən gəlir götürmək”. Ədliyyə işçiləri bunlardan istifadə edə bilərlər. Amma 11.1-ci maddədə yazılıb ki, ədliyyə orqanlarının işçisi heç bir seçkili və ya digər təyinatlı vəzifələr tuta, o cümlədən sahibkarlıq, kommersiya ilə məşğul ola bilməz. Amma qiymətli kağızlar bazarı, icarə bazarı elə sahibkarlığın bir formasıdır. Mən xahiş edərdim, buna aydınlıq gətirsinlər. Bir də mən bilmək istərdim ki, “Dövlət qulluğu haqqında” Qanunla bu qanun arasında müəyyən ziddiyyətlər var, ya yox? Bu orqanlara qəbul test üsulu ilə həyata keçirilir, yoxsa yenə icra hakimiyyəti orqanları tərəfindən? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də bu layihəni diqqətlə oxumuşam. Ədliyyə orqanlarının hüquqi statusunu müəyyən etmək, onların sosial müdafiəsini daha dolğun həyata keçirmək üçün bu qanunun qəbul edilməsini zəruri hesab edirəm. Doğrudur, əvvəllər ədliyyə işçilərinin hüquq mühafizə statusunun olmaması səbəbindən onların həm statusunda, həm də sosial müdafiəsində bir növ pərakəndəlik mövcud idi. Fəaliyyətdə olan qanunlar ədliyyə işçilərinin fəaliyyət prinsipini müəyyən etsə də, nə onların sosial müdafiəsini, nə də əmək münasibətlərini tənzimləyirdi. Ədliyyə orqanlarını əhatə edən müxtəlif fəaliyyət sahələrinin tamamilə fərqli qaydaları tətbiq olunurdu və vahid qəbul qaydaları yox idi, ancaq Ədliyyə Nazirliyinin yeni əsasnaməsi təsdiq edildikdən sonra vəziyyət tam dəyişdi. Bu Əsasnamə ilə ədliyyə orqanlarına hüquq mühafizə orqanı statusu verirlər. Bununla da təbii olaraq həm işçilərin əmək münasibətlərini, həm də sosial müdafiəsini yeni statusa uyğunlaşdırmaq zərurəti yarandı. Bu mənada mən belə bir qanunun qəbul edilməsini vacib hesab edirəm.
Bu qanun layihəsində razılaşmadığım bir sıra məqamlar var və mən onların bir qismini sizin nəzərinizə çatdırmaq istəyirəm. Əvvəla, bu layihədə bir sıra artıq hesab etdiyim sözlər var ki, onlar layihədən çıxarılmalıdır. Məsələn, layihənin preambulasında “idarələrində və təşkilatlarda, penitensiar xidmətdə” sözləri çıxarılmalıdır. Ona görə ki, “ədliyyə orqanları” anlayışı həmin orqanın tərkibinə daxil olan bütün idarə və təşkilatları əhatə edir. 3-cü maddədə isə bu orqanın hansı sahələri əhatə etdiyi konkret göstərilmişdir. Layihədə bəzi maddələr mövcud qanunvericiliyin tələblərinə ziddir. Məsələn, 4.2-ci maddədə verilmiş “məhkəmə, prokurorluq, ədliyyə, digər hüquq mühafizə və ya başqa dövlət orqanlarında əvvəllər yol verdiyi kobud nöqsanlara və ya qulluqla bir araya sığmayan hərəkətlərə görə bu orqanlardan xaric edilmiş” sözləri həm Konstitusiyanın 71-ci maddəsinin ikinci hissəsinə, həm də Mülki və siyasi hüquqlar haqqında Pakta zidd olduğu üçün çıxarılmalıdır. Bu cümlənin orada saxlanılması həmin nöqsanlara görə işdən azad edilmiş insanlar üçün əlavə məhrumiyyətlər yaradır. Halbuki Əmək Məcəlləsinin 109-cu maddəsinə əsasən işçiyə verilmiş intizam tənbehi verildiyi gündən 6 ay müddətində qüvvədə olur və heç bir məhrumiyyət yaratmır.
Digər tərəfdən həmin cümlənin orada saxlanılması belə bir nəticəyə gəlməyə əsas verir ki, yol verdiyi nöqsanlara görə hər hansı hüquq mühafizə orqanlarından və ya dövlət orqanlarından xaric edilmiş şəxs Konstitusiyaya görə hakim, nazir, Baş nazir, hətta Prezident ola bilər, ancaq sıravi ədliyyə işçisi ola bilməz. Layihədəki bu qədər sərtləşdirilmənin nə ilə əlaqədar olduğunu başa düşmək çətindir. Onu da qeyd edim ki, səhv etmirəmsə, 2004-cü ildə belə bir təklif “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanuna daxil edilmişdir. Ancaq çox keçmədən həmin fikir oradan çıxarıldı.
Diqqətinizi “Ədliyyə orqanlarında stajorluq və sınaq keçmə” adlı 6-cı maddəyə cəlb etmək istəyirəm. Səhv etmirəmsə, prokurorluq orqanlarında işə qəbul edilən müstəntiq 1 il stajorluq keçdikdən sonra tam hüquqlu müstəntiq kimi işə başlayır. Ədliyyə orqanlarında isə işə qəbul üçün müsabiqə, müsahibə, stajorluq, sınaq müddəti və attestasiya kimi mürəkkəb bir baryeri aşmaq lazım gələcəkdir. İşçi 6 aylıq stajorluq, sonra bir il sınaq müddəti və attestasiyadan keçəndən sonra işə qəbul edilir. Təklif edirəm ki, 6.1-ci bənd aşağıdakı kimi verilsin: “İlk dəfə ədliyyə orqanlarına qəbul edilən şəxslər üçün bir qayda olaraq bir illik stajorluq müddəti müəyyən edilir. Stajorluq müddəti bitdikdən sonra stajor haqqında müsbət rəy olduqda attestasiyadan müvəffəqiyyətlə keçmiş işçi müvafiq vəzifəyə təyin olunmaqla ədliyyə orqanlarında daimi qulluğa qəbul edilir.” 6.2-ci bənd isə layihədən çıxarılmalıdır, çünki müsahibə ilə qulluğa qəbul edilmiş şəxsin yenidən sınaq müddəti ilə işə qəbul edilməsi düzgün deyildir. Bu həm də Əmək Məcəlləsinin tələblərinə uyğun deyildir. 6.3-cü bənd aşağıdakı kimi yazılmalıdır: “Stajorluq müddəti işə qəbula dair əmrdə göstərilir”. 6.4-cü bənd isə çıxarılmalıdır, çünki burada qeyd edilən fikir 6.1-ci bənddə öz əksini tapmış olacaqdır. Ümid edirəm ki, mənim bu təkliflərim nəzərə alınacaqdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən də əvvəlcə müzakirə olunan qanun layihəsinin 4.2-ci maddəsinə münasibətimi bildirirəm. Qanunun bu gün bir oxunuşda qəbul olunması nəzərdə tutulur. Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının və Azərbaycan Respublikası Prezidentinin qarşısında qoyulan tələblər içərisində yeganə məhkumluqla bağlı məhdudiyyət vardır. Orada yazılır ki, ağır cinayətlərə görə məhkum edilmiş şəxslər Prezident və ya deputat seçilə bilməzlər. Ədliyyə Nazirliyinə işə götürülərkən bundan daha ağır şərtlərin qoyulması, sadəcə, əlavə problemlər yaradır və ayrı-ayrı adamların qarşısında izah olunmayan və məqsədəuyğun olmayan baryerlərin yaradılmasına da əlavə stimul verə bilər. Mənim təklifim bundan ibarətdir ki, Konstitusiyada olan formula, yəni “cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş” sözləri mütləq oradan çıxarılmalıdır. Hüquqşünaslar, yəqin, bilirlər, “məhkum edilmə” hüquqi bir anlayışdır və bu anlayışa daha əlavə bir məna verməyək.
Hörmətli Milli Məclis üzvləri, bu gün nəzərə alaq ki, bayram yaxınlaşır və mən qətiyyən sizin ovqatınızda hansısa bir gərginlik yaratmaq istəmirəm. Qarşıdan gələn bayram münasibəti ilə sizləri də təbrik eləyirəm. Amma qısaca, bir neçə cümlə ilə işin faktik tərəflərinə aydınlıq gətirmək istəyirəm. Həqiqətən, hörmətli Fəzail bəyin diqqətinə çatdırmaq istəyirəm ki, Nəqliyyat Nazirliyinin yanında Tiflis prospektində tikilən körpünün smeta qiyməti rəsmi sənədlərə görə ƏDV-siz 15 milyon manatdır. Mən çox hörmət elədiyim Elton müəllimdən heç elə sözlər, yəni eldar şamı ilə bağlı məsələni eşitmək istəməzdim. Amma diqqətinizə çatdırım ki, 1988-ci ildən başlayaraq Azərbaycanda dövlət büdcəsi yox idi. Azərbaycan büdcəsiz maliyyələşirdi və yalnız bizim hakimiyyət dövründə, yəni 1992-1993-cü illərdə ilk dəfə olaraq son 4 ildə dövlət büdcəsi qəbul olundu. Hər halda ağır bir şəraitdə büdcə vasitəsi ilə maliyyə siyasətinin aparılmasına şərait yaradıldı.
Hörmətli deputatlar, artıq səs verdiyimiz və qəbul elədiyimiz “Azərbaycan Respublikasının 2006-cı il dövlət büdcəsi haqqında” Qanuna dəyişikliklər və əlavələr edilməsi barədə” Qanunun 6-cı maddəsi haqqında danışmaq istəyirəm. Bunu mütləq deməliyəm. Yeganə bir sahədə azalma gedir. Bütün sahələr üzrə artım var. Sosial müdafiə xərcləri təxminən 25 milyon manat azaldılıb. Elm xərcləri də kommunal xərclər ilə eyni səviyyədə, bərabər tutulub. Dəhşətlisi budur ki, mədəniyyət və incəsənətə ayrılan xərclərdə heç bir addım atılmayıb. Mən bizim kitabxananın işçilərinə söz vermişəm. Mən çox xahiş edirəm ki, Milli Məclisin kitabxanası yenidən təşkil olunsun. Həqiqi mənada kitabxanaya oxşasın. Orada işçilərin işləyə bilməsi üçün də maliyyə xərcləri nəzərdə tutulsun. Təşəkkür edirəm.
Sədrlik edən. Siz əvvəl gərək ilk büdcədə ayrılan xərclərə baxaydınız. Elmə, mədəniyyətə ayrılan xərclər haqqında danışarıq. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Deputat həmkarlarım kimi mən də bu qanunun vacibliyini və yüksək səviyyədə hazırlandığını qeyd edirəm. Ədliyyə orqanları dövlətin bel sütunundan biridir. Ona görə də bu orqanlarda qulluq keçmək mexanizminin hansı formada təqdim və qəbul edilməsindən çox şey asılıdır. Mən bir məsələni qeyd etmək istəyirəm. Bəzi hallarda reallıqda olmayan bir mexanizm təklif edilir və sınaqdan keçirilir. Amma bizim üçün olduqca xoşdur ki, bu gün ədliyyə orqanlarında qulluq keçmənin çox şəffaf və özünü doğruldan bir mexanizmi artıq reallıqda həyata keçirilir. Bu baxımdan da ədliyyə orqanlarına qəbul və orada qulluq keçmə cəmiyyətdə heç bir irada rast gəlmir. Bu gün cəmiyyətdə ədliyyə orqanlarına işə qəbulda hər hansı bir qüsura və ya subyektivliyə yol verildiyi barəsində irad səsləndirilə bilməz. Bu onu göstərir ki, ədliyyə orqanlarında işlər, həqiqətən, Avropa standartlarına, dövrün tələbinə uyğun şəkildə qurulmuşdur.
Bu baxımdan bizə təklif edilən qanun layihəsi komissiya tərəfindən yüksək səviyyədə hazırlanmışdır. Azərbaycanın həm bugünkü reallığına, eyni zamanda, gələcək perspektivimizə uyğun şəkildə hazırlanmış bir qanun layihəsi olduğunu hesab edirəm və onun səsverməyə qoyulmasını və bütövlükdə qəbul olunmasını təklif edirəm.
Sədrlik edən. Sağ olun. Mən də hesab edirəm ki, bu çox ədalətli bir qanun layihəsidir. Axır ki, ədalət öz yerini tutdu. Ədliyyə işçiləri də dövlət qulluqçusu olurlar. İndi burada bəzi suallar verildi. Əgər icazə versəniz, hələ vaxtımıza var, komissiyanın sədri həmin suallara cavab verər. Ədliyyə nazirinin müavini Toğrul Musayev, çox təcrübəli idarə rəisləri Azər müəllim, Dilarə xanım buradadırlar. Əgər lazım olsa, onlar da suallara cavab verə bilərlər. Xahiş edirəm, komissiyanın sədri Əli müəllim, iradlara cavab verin.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Çalışacağam, müəyyən sualları da cavablandırım. Cənab Sədr, birinci, əsas anlayışlarla bağlı sual oldu. Biz qeyd etdik. Mən çıxışımda da bunu qeyd etdim. Bütövlükdə dövlət qulluğu ilə bağlı əsas anlayışlar “Dövlət qulluğu haqqında” Qanunda verilib. Biz ədliyyə orqanları ilə bağlı müəyyən sahə qanunları da qəbul etmişik. Misal üçün, “məhkəmə qərarlarının icrası”, “cəzaların icrası” və “cəza çəkmə xidməti”. Bu anlayışlar hamısı məcəllələrdə var. Qanunvericilik texnikası baxımından həmin anlayışları yenidən buraya köçürmək çox mürəkkəb məsələ olar. Onda gərək biz qanunlardan tutmuş məcəllələrədək bütün anlayışları buraya köçürək. Hesab edirəm, bu, düzgün olmaz. Biz 2-ci maddədə aydınlıq gətirmişik ki, ədliyyə orqanlarında qulluq keçmə haqqında hüququn əsaslarını bu qanun və digər qanunlar təşkil edir. Yəni vətəndaş hər hansı anlayış və ya başqa bir xidməti vəzifə ilə bağlı dəqiq məlumat almaq istəsə, misal üçün, Cəzaların İcrası Məcəlləsində bu anlayışları tapa bilər. 2-ci maddə
4.2 ilə bağlı. Bu məsələni Tahir müəllim də, İltizam müəllim də, Pənah Hüseyn də qaldırdılar. Bunu, yəqin, biz müzakirə edərik. Burada düşünmək olar.
Mən də düşünürəm ki, “cinayət törətdiyinə görə əvvəllər məhkum edilmiş” anlayışının yerinə “qəsdən cinayət törədilmiş” anlayışından istifadə etmək olar. Həqiqətən də, kimsə ehtiyatsızlıq ucundan cinayət törədə bilər, məhkumluğu olar. Yenə deyirəm, bu işə qəbulla bağlı məhdudiyyət, əlbəttə, ciddi olmalıdır. Amma burada bu, nəzərə alınmalıdır. Biz 4.2-ci maddəni bir daha müzakirə edərik. Burada başqa millət vəkillərinin də fikirləri səsləndi. Onları nəzərə ala bilərik. Amma bir haşiyəyə çıxmaq istəyirəm. Maddə 6 ilə bağlı İltizam müəllim də qeyd etdi. Bizim başqa yolumuz yoxdur. Biz dövlət qulluğuna qəbulu, əlbəttə, kifayət qədər ciddiləşdiririk. Burada təxminən üç mərhələ qeyd olundu. Misal üçün, hakimlərlə bağlı təxminən altı mərhələ müəyyənləşdirmişik. Yazılı test, şifahi, tədris mərhələsi və sair. Əlbəttə, əgər biz peşəkar kadrlar olmasını istəyiriksə, kadrlar da hazırlanmalıdır və gəlib bu mərhələlərdən keçmək lazımdır. Bu mərhələlər çox şəffafdır.
Yeri gəlmişkən digər bir sualı cavablandırım. Vahid müəllim, heç bir halda dövlət qulluğu, o cümlədən Ədliyyə Nazirliyinə qəbul müvafiq icra hakimiyyətinin səlahiyyətində deyil. Mən xüsusi olaraq qeyd etdim. Bütövlükdə dövlət orqanlarına, həm ədliyyə, digər orqanlara da işə qəbul “Dövlət qulluğu haqqında” Qanunun müddəalarında göstərilmiş müsabiqə və şəffaflıq prinsipləri nəzərə alınmaqla həyata keçirilir. Bunu heç bir nazirlik, heç bir müvafiq orqan təkbaşına həll etmir. Xüsusi qurum, Dövlət Qulluğu İdarəetmə Şurası var, cənab Prezidentin yanında komissiya var. İndi biz dövlət qulluğu ilə bağlı etik davranış kodeksindən tutmuş digər məsələləri həll edirik. Test məsələlərində heç bir nazirliyin müstəsna səlahiyyəti yoxdur. Bütün məsələlər “Dövlət qulluğu haqqında” Qanunla tənzimlənir. Müvafiq icra hakimiyyəti, cənab Prezidentin müəyyən etdiyi testləri həyata keçirən bir qurum var, bu məsələlər onun səlahiyyəti çərçivəsindədir.
Digər bir suala da aydınlıq gətirim. Hörmətli Vahid müəllim qiymətli kağızlarla bağlı sual verdi ki, bu, sahibkarlıq fəaliyyəti ilə zidd deyilmi? Əlbəttə, bu, sahibkarlıq fəaliyyəti deyil. Hər bir millət vəkilinin də, dövlət qulluqçusunun əmanəti ola bilər, bir vətəndaş kimi qiymətli kağız da əldə edə bilərlər. Bu, sahibkarlıq fəaliyyəti deyil. Hətta mən bir qədər irəliyə baxmaq istəyirəm. Belə bir fikrimiz var ki, gələcəkdə biz mütləq maraqların toqquşması haqqında da qanun qəbul etməliyik. Müəyyən məhdudiyyətlər qoymuşuq, bu, normaldır. Amma bütün sivil dünyada qanun var və dövlət qulluqçusunun vəzifəsi ilə bağlı toqquşan maraq yoxdursa, başqa fəaliyyət növü ilə məşğul ola bilər. Amma yenə deyirəm, burada heç bir sahibkarlıq fəaliyyətindən söhbət getmir, bütün dövlət qulluqçularının əmanəti də ola bilər, qiymətli kağızdan, rentadan da, icarədən də gəlir götürə bilərlər. Bu, birmənalı sahibkarlıq deyil, çünki orada heç bir fəaliyyətdən, əməkdən söhbət getmir. Qiymətli kağız əldə olunub, əgər gəlir gətirirsə, ona nəsib olur.
Cəzaçəkmə sistemində həyata keçirilən islahatlarla bağlı hörmətli həmkarlarım çox müsbət fikirlər söylədilər. Mən də bununla razıyam. Komissiya sədrinin müavini Rövşən Rzayev və Nizami İsgəndərov 23-cü və 36.4.3-cü maddə ilə bağlı təkliflərini bildirdilər. Mən, cənab Sədr, bu təkliflərlə də razıyam. Prokurorluq orqanlarında çalışanlara hər hansı bir imtiyaz, səlahiyyət verilirsə, burada da eyni ilə elə olmalıdır. Biz layihəyə belə müddəa əlavə etmişik ki, əgər hər hansı bir hüquq və vəzifə, imtiyaz aşağı nəzərdə tutularsa, onda “Dövlət qulluğu haqqında” Qanun qüvvədə olacaq. Bu baxımdan səslənən təkliflərlə razıyam. İltizam müəllimin, Tahir müəllimin texniki redaktə xarakterli bir neçə təklifi də oldu. Mən qeydlər etmişəm. Elə bilirəm, bunları da biz işçi qaydasında nəzərə ala biləcəyik. Amma, ümumilikdə, mənim müşahidəm ondan ibarət oldu ki, hörmətli həmkarlarım bu qanun layihəsini dəstəkləyirlər. Bunun bir oxunuşda qəbul olunmasına tərəfdardırlar. Bir daha qeyd edirəm ki, cənab Prezidentin məhkəmə sisteminin müasirləşdirilməsi ilə bağlı verdiyi tövsiyələrin, tapşırıqların fonunda bu cür qanunun indi qəbul olunması, həqiqətən, çox əhəmiyyətlidir. Həmkarlarımı bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Toğrul müəllim, çıxış etmək istəyirsinizsə, buyurun.
T. Musayev, Azərbaycan Respublikası ədliyyə nazirinin müavini.
Hörmətli Sədr, hörmətli deputatlar! Burada deputatlarımız tərəfindən bir sıra suallar səsləndi və hörmətli Əli müəllim həmin suallara ətraflı cavab verdi. Bir suala mən də münasibətimi bildirmək istəyərdim. Deputat Fazil Mustafayev nəzəriyyə baxımından çox maraqlı bir suala toxundu. Ədliyyə sisteminin, ümumiyyətlə, cəmiyyətdə rolu, onun icra hakimiyyəti orqanı və ədalət mühakiməsi ilə münasibətləri məsələsini qaldırdı. Bildirmək istəyirəm ki, artıq cənab Prezident möhtərəm İlham Əliyev tərəfindən bu ayın, aprel ayının 18-də Ədliyyə Nazirliyi haqqında Əsasnamə qəbul olunmuşdur. Orada Ədliyyə Nazirliyinin yeri, hüquq mühafizə orqanı kimi fəaliyyət göstərən icra hakimiyyəti orqanı statusu artıq müəyyənləşdirilmişdir.
O ki qaldı ədalət mühakiməsi və Ədliyyə Nazirliyi məsələsinə, mən deyə bilərəm ki, Ədliyyə Nazirliyi bir icra hakimiyyəti orqanı kimi ədalət mühakiməsinin həyata keçirilməsində ancaq təşkilati funksiyaları həyata keçirə bilər və bu funksiyaları da həyata keçirir.
Bir sual da deputat Fuad Muradov tərəfindən səslənmişdir. Andiçmə ilə bağlı dedi ki, bütün ədliyyə işçilərinin andiçmədə iştirakına nə ehtiyac var? Bildirmək istəyirəm ki, qanun layihəsinin 5-ci maddəsində bilavasitə göstərilib ki, bu müddəa ilk dəfə ədliyyə orqanlarına qəbul olunan şəxslərə şamil olunacaq. Ədliyyə işçiləri xüsusi rütbə daşıyırlar. Hesab edirəm ki, bu məsələdə də belə bir problem yoxdur. Digər suallara hörmətli Əli müəllim cavab verdi.
Bu gün qanun qəbul olunsa, təbii ki, Azərbaycan ədliyyəsi üçün tarixi bir hadisə olacaq. Mühüm qanun layihəsinin müzakirəsi və qəbul olunmasında fəal iştirak etmiş bütün deputatlarımıza həmkarlarım adından çox dərin minnətdarlığımı bildirmək istərdim. Ədliyyə fəaliyyəti barədə fikirlərinizi və dəyərli tövsiyələrinizi bildirdiyinizə görə mən hamınıza təşəkkür edirəm.
Bildirmək istəyirəm ki, bu gün burada səsləndi, cənab Prezident tərəfindən təsdiq olunmuş əsasnamə və qanun layihəsi bu gün qəbul olunarsa, şübhəsiz, ədliyyə fəaliyyətinin səmərəliyinin daha da artırılmasını təmin edəcək. Əmin ola bilərsiniz ki, hörmətli deputatlar, ölkəmizdə qanunun aliliyinin təmin edilməsi və insan hüquqlarının etibarlı müdafiəsi işində ədliyyə orqanlarının əməkdaşları öz vəzifə borclarını bundan sonra da layiqincə yerinə yetirəcəklər.
Cənab Sədr, fürsətdən istifadə edərək, icazə verin, qarşıdan gələn bayram - Respublika Günü münasibəti ilə hamınızı ürəkdən təbrik edim! Respublikamız üçün müstəsna əhəmiyyət kəsb edən fəaliyyətinizdə sizə uğurlar və can sağlığı arzulayıram! Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, məsləhətdirsə, layihəni səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 15.45 dəq.)
Lehinə  91
Əleyhinə  0
Bitərəf  3
Səs vermədi  1
İştirak edir  95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. İcazə verin, millət vəkilləri adından ədliyyə işçilərini təbrik eləyək. Ən yaxşı bayram hədiyyəsini ədliyyə işçiləri aldılar. Təbrik edirik sizi. Çox sağ olun. Bugünkü iclasımız işini bitirdi.

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi