2006-ci il 30 may tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
III  SESSİYASI  İCLASININ

PROTOKOLU  № 20

Milli  Məclisin  iclas  salonu.
30  may  2006-cı il.  Saat  12.

Milli  Məclis  Sədrinin  müavini
V. Ələsgərov  sədrlik  etmişdir
 
İclasda Milli Məclisin 95 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
R. Aslanlı, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü.
R. Məlikova, Azərbaycan Respublikası Milli Bankının Hüquq departamentinin rəisi.


* * *
H.Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
S.Qəhrəmanova
, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini.
E. Səfərov, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı.
S.Talışinskaya, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşı.


İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında.
2. “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında.
3. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
4. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
5. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
6. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə (ikinci oxunuş).

 


İclasda qəbul edilmişdir:

1. “Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).
5. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
6. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.


Azərbaycan Respublikası
Milli Məclisi Sədrinin müavini            V.ƏLƏSGƏROV

 

 

MİLLİ   MƏCLİSİN   İCLASI

30 may  2006-cı  il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin  müavini  V.Ələsgərov  sədrlik  edir


Sədrlik edən. İşimizə başlamazdan öncə mən istəyirəm, hamınızı, Azərbaycanın bütün vətəndaşlarını böyük bir hadisə ilə əlaqədar təbrik edim. 28 May - Respublika günündə saat 23.50-də Azərbaycan nefti Ceyhan limanına gəlib çatdı! (Alqışlar.)
Bu hadisəni biz illərlə səbirsizliklə gözləyirdik və nəhayət, buna nail olduq. Bizimlə bərabər bu layihədə iştirak edənlər, bu layihənin həyata keçməsini ürəkdən istəyənlər bizimlə bərabər sevindilər, bizi təbrik etdilər. Gecə, gündüz yox idi, kim nə vaxt xəbər tuturdu, o dəqiqə respublikanın Prezidentinə, hökumətin başçılarına, tanıdığı adamlara zəng edirdi.
Doğrudan da, 10 il bundan qabaq kim inanardı ki, biz buna nail ola bilərik. Ancaq başqa layihələrdə olduğu kimi,  biz buna da nail ola bildik. Ümummilli liderimiz Heydər Əliyevin layihəsi həyata keçdi. İnanılmaz bir layihəni, dünyada tayı-bərabəri olmayan bir layihəni Azərbaycan dövlət olaraq, hökumət olaraq, millət olaraq həyata keçirdi.
İyul ayının 13-15-də böyük mərasimlər olacaq, bütün dünya bunu qeyd edəcəkdir. Bizi sevənlər bizimlə birlikdə sevinəcəklər. İstəməyənlərə də boru həmişə gözdağı olacaqdır. Təbrik edirəm, sizə can sağlığı, uzun ömür arzulayıram! (Alqışlar.)
İndi də icazə verin, işimizə başlayaq. Xahiş edirəm, qeydiyyatdan keçin.

Qeydiyyat (saat 12.04 dəq.)
İştirak edir 90
Yetərsay                  83

90 nəfər qeydiyyatdan keçib, yetərsay var. İşimizə başlaya bilərik. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 12.05 dəq.)
Lehinə    89
Əleyhinə                 1
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Əgər gündəliklə əlaqədar təklifləriniz varsa, buyurun.
Yerdən.  (Eşidilmir.)
Sədrlik edən.  Fəzail müəllim, gündəliyə əlavəniz var? Buyurun.
F.Ağamalı. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının reallaşmasında böyük xidmətlər göstərmiş Valeh Ələsgərovun təbriklərinə qoşulur və bütün millətimizi, xalqımızı, bu işdə əməyi olan bütün insanları - Neft Şirkətinin sabiq prezidenti Natiq Əliyevi, Xoşbəxt Yusifzadəni, bu gün Neft Şirkətinə rəhbərlik edən Rövnəq Abdullayev başda olmaqla bütün neftçiləri səmimi qəlbdən təbrik edirəm! Ən böyük təbrikimiz, şübhəsiz ki, ölkə Prezidenti İlham Əliyevə düşür. Ona görə də təklif edirəm ki, bu hadisə münasibəti ilə Milli Məclisin adından biz ölkə Prezidentinə təbrik məktubu ünvanlayaq. Təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
b. Təklif var ki, birbaşa gündəliyin müzakirəsinə keçək. Xahiş edirəm, bu təklifə münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 12.10 dəq.)
Lehinə    82
Əleyhinə                4
Bitərəf      0
Səs vermədi      0
İştirak edir              86
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gündəliyimizi müzakirə edək. Sözünüz varsa, mən sizə imkan verəcəyəm, sözünüzü deyəsiniz. Kartı olmayanlar əlini qaldırsın. Bir, iki, üç, dörd. Qəbul edildi.
Birinci məsələ. Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında. Aydın Mirzəzadə.
A. Mirzəzadə, Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası sədrinin müavini.
Hörmətli sədarət, hörmətli Milli Məclis deputatları! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Milli Məclisinə 2006-cı il 25 may tarixli müraciəti ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq, 2006-cı il aprelin 21-də Moskva şəhərində həyata keçirilmiş Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsini xahiş edir.
Rusiya Federasiyası Gürcüstan Respublikası ərazisindən çıxarılan hərbi yüklərin öz ərazisinə tranzit daşımalarının Azərbaycan Respublikası ərazisindən həyata keçirilməsini xahiş edir. Tranzit daşımaları 2006-2008-ci illərdə həyata keçiriləcək. Rusiya Federasiyasının Müdafiə  Nazirliyi  daşınması planlaşdırılan silahların, hərbi texnika, hərbi sursat və material-texniki vasitələrin siyahısını Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə təqdim edəcək. Tranzit keçən hərbi yüklər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun hərəkət edəcək.
Tranzit daşınmanın detalları sizlərə paylanmış layihədə öz əksini tapmışdır. Milli Məclisin Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyası özünün  2006-cı il 26 may tarixli qərarı ilə sənədin təsdiqinin lehinə çıxmışdır. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun. Aydın Abbasov.
A. Abbasov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Gürcüstan ərazisindən çıxarılan hərbi yüklərin Azərbaycan Respublikasının ərazisi vasitəsi ilə Rusiya Federasiyasının ərazisinə tranzit nəqlinə dair Notalar Mübadiləsinin təsdiq edilməsi haqqında məsələyə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında da baxılmışdır. Millət vəkilləri  bu məsələ ilə əlaqədar öz müsbət fikirlərini bildiriblər. Xahiş edirəm, hörmətli həmkarlarımız da bu məsələyə  müsbət  münasibətlərini bildirsinlər. Çox sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Keçirik çıxışlara. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə  mən bir məsələyə öz etirazımı bildirirəm. Valeh müəllim, mən israr elədim və bildirdim ki, sessiyanın sonuncu iclasıdır, xahiş edirəm, gündəliyə əlavələr etmək üçün bizə imkan yaradın.
Bir sıra məsələlər var ki, məhz bu sessiyanın sonunda həll olunmalı idi. Onlardan birincisi Mərkəzi Seçki Komissiyasının tam formalaşdırılması məsələsidir. Bu məsələni biz əgər bu sessiyada həll etməsək, Daxili Nizamnaməyə etdiyimiz dəyişikliyə görə, bir də oktyabr ayında müzakirəyə çıxaracağıq. Faktiki olaraq dairələrin, məntəqələrin formalaşdırılması çox uzun bir vaxt apardığına görə bu proses  növbəti ilə, yəni 2007-ci ilədək uzanacaqdır. Ona görə mən təklif etmək istərdim ki, Mərkəzi Seçki Komissiyasında qalan boş yerlərin parlamentdə təmsil olunan partiyalar arasında bölüşdürülməsi ilə bağlı məsələ gündəliyə  salınsın və parlamentin bu sessiyasında müzakirə olunsun. Mən xahiş edirəm, bu məsələni diqqətdə saxlayın.
Əgər bu gün parlamentin son iclasıdırsa, parlament, Milli Məclisin katibliyi bu məsələ ilə bağlı bir aydınlıq versin ki, bilək, bu məsələ nə zaman həll olunacaq? Oktyabra qalırsa, nəyə görə qalır? Bu,  bütövlükdə Seçki Məcəlləsinə də ziddir. Birinci dediyim məsələ bu idi.
İkinci. Mən keçən Məclisdə də burada  Cənubi Azərbaycanla bağlı məsələ qaldırdım. Çox təəssüflər olsun ki, nə parlament, nə də digər strukturlar bu məsələyə bir reaksiya verdi. İnsan haqları, demokratiyanın müdafiəsi heç bir ölkənin daxili işi deyil, o cümlədən Cənubi Azərbaycanda, İranın ərazisində bu gün azərbaycanlıların hüquqlarının kütləvi şəkildə pozulması, yüzlərlə adamın öldürülməsi, itkin düşməsi, həbs olunması bir ölkənin daxili işi ola bilməz. Əgər bu bir ölkənin daxili işidirsə, dünyada demokratiya uğrunda gedən bu mübarizə,  bu mücadilə, dünya ictimaiyyətinin,  hərbi kontingentlərin, o cümlədən ayrı-ayrı beynəlxalq qurumların bu məsələlərə müdaxiləsi nədən ötrüdür? Ona görə də biz cənubda yaşayan soydaşlarımızın hüquqlarını ardıcıl olaraq müdafiə etməliyik. Bütün beynəlxalq təşkilatlara, BMT-yə, Avropa Şurasına, Avropa İttifaqına, o cümlədən demokratik yaşam tərzini qəbul etmiş bütün ölkələrə bununla bağlı müraciət qəbul etməliyik.
Biz İranın daxili işinə qarışmırıq. Konfederativ və ya federativ dövlət quruluşları arasında seçim etmək, yaxud müstəqil dövlət olmaq orada yaşayan həmvətənlərimizin öz işidir. Biz onların seçimlərinə hörmətlə yanaşırıq. Amma onların adi insani hüquqları, azadlıqları, o cümlədən demokratiya məsələləri heç bir ölkənin yalnız daxili problemi olmadığına görə biz  ona biganə qalmamalıyıq. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə.  Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri!  Qəribə bir vəziyyət yaranır. Artıq  neçə gündür, Azərbaycan ərazisindən keçərək Gürcüstandan Rusiyaya hərbi texnika daşınır. Biz isə bu proses başlanandan sonra Notalar Mübadiləsinin təsdiqini müzakirə edirik. Bunu məgər bundan öncə etmək olmazdımı?  Burada  Milli Məclisin hüquqları kobud surətdə tapdanır.
Rusiyanın hərbi bazalarındakı texnikanın böyük bir qismi Ermənistana yola salınır. Azərbaycanın bu məsələ ilə bağlı imkanları var idi ki, Rusiyanın qarşısında şərt qoysun: Rusiya hərbi bazalarının texnikası mütləq Rusiyaya aparılmalıdır. Hal-hazırda Rusiya Batumi və Axalkalaki hərbi bazalarından hərbi texnikanı Ermənistana keçirir. Hamı da çox gözəl bilir ki, Rusiyanın Ermənistanda yerləşən 7-ci ordusunun hərbi texnikası bilavasitə Ermənistan silahlı qüvvələrinin əlindədir. Bu gün Ermənistan silahlı qüvvələri məhz Rusiyanın 7-ci ordusunun əsasında formalaşır. Ermənistan zabitləri gündüz Rusiya hərbi formasındadır, günün ikinci yarısında Ermənistan hərbi formasındadır. Nəhayət, bu hərbi texnika çox ağır bir bölgədə sabitliyi pozan bir amildir.
Onun üçün mən bu sənədin təsdiqinin belə gecikdirilməsini və Milli  Məclisin müzakirəsinə artıq başlanmış prosesin yekunlaşma mərhələsində verilməsini düzgün hesab etmirəm.  Düşünürəm ki, bu məsələni biz ciddi müzakirə etməli və belə halların gələcəkdə olmasının qarşısını almalıyıq. Milli Məclis, demək olar ki, prosesi sonda qiymətləndirərək, Azərbaycanın  milli təhlükəsizliyinə ciddi təhlükənin qarşısını ala bilmir. Çox sağ olun.
Sədrlik edən. Asim müəllim, çox üzr istəyirəm, ancaq Sizin çıxışınızı mən populist bir çıxış kimi qəbul edirəm. Bu məsələnin  hüquqi, qanunvericilik tərəflərinə Siz hüquq və qanunvericilik baxımından yanaşsaydınız, belə çıxış etməzdiniz. Sözünüz varsa, mənimlə iclasdan sonra görüşün, mən Sizə izah edərəm, sonra aramızda olan söhbəti yoldaşlara söyləyərsiniz. Cəmil Həsənli.
C.Həsənli. Təşəkkür edirəm, Valeh müəllim. Hörmətli millət vəkilləri və mətbuat nümayəndələri!  Birinci olaraq, Valeh müəllim, mən prosedur qaydalarına öz münasibətimi bildirmək istəyirəm. Milli Məclisin təsdiq olunmuş prosedur qaydaları var, imkan daxilində buna riayət etmək lazımdır. O deputatlar ki yerdən deyirlər, müzakirə etməyək, əgər o deputatların sözləri yoxdursa, yazılmasınlar və onlara verilən hüquqdan istifadə etməsinlər. Amma sözü olan deputatlar üçün bir qayda olaraq gündəlik təsdiq ediləndə Milli Məclis tərəfindən təsdiq olunmuş prosedur qaydalara riayət etmək lazımdır. 
İkinci baxımdan, mən deputat Asim Mollazadənin qaldırdığı məsələni ciddi məsələ hesab edirəm. Siz onu populist adlandırırsınız. Bir deputat kimi bu Sizin hüququnuzdur. Amma bu, Milli Məclisə münasibətdir, Valeh müəllim. Yəni Milli Məclis Azərbaycanda hakimiyyət bölgüsündə... Olduğu kimi demək istəmirəm. Milli Məclisə o qədər biganə münasibət var ki, Milli Məclisin hüququna aid olan hər bir məsələni elə bu qaydada həll edirlər.
Amma ümumiyyətlə, proses müsbət prosesdir. Cənubi Qafqazdan Rusiya hərbi bazalarının çıxarılması və həmin yüklərin Azərbaycandan daşınması müsbət prosesdir. Azərbaycanın əlində müəyyən imkanlar var ki, bunun monitorinqini aparsın. Yəni oradan yüklərin nə qaydada daşınması, oradan 7-ci orduya nə qədər hərbi texnika saxlanması məsələsini öyrənmək baxımından Azərbaycanın imkanı var. Eyni zamanda, bu, Gürcüstana yardımdır.
Bununla bağlı mən Gürcüstanda son zamanlar yaranmış bir məsələni millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. O da Gürcüstanda yaşayan azərbaycanlıların problemidir. Yaxşı, Bakı-Ceyhan Gürcüstandan keçir və bunun müqabilində Gürcüstan xeyli dərəcədə gəlirlər əldə edir. Rusiyanın hərbi yükləri Gürcüstandan Azərbaycan vasitəsi ilə daşınır və Gürcüstanda xarici bazalar ləğv edilir.
Bu gün Gürcüstan əhalisinin 95 faizi kənd yerlərində yaşayır. O da məlumdur ki, kəndçinin torpağı olmasa, o, yaşayış imkanlarını itirmiş olur.  Dəfələrlə bu məsələ burada qaldırılıb. Tez-tez Azərbaycanın hökumət nümayəndələrinin, Milli Məclis nümayəndələrinin  Gürcüstana səfərləri olur.
Bu gün Gürcüstanda azərbaycanlı əhali torpaqsız muzdur vəziyyətindədir. Ayrı-ayrı gürcü sahibkarlar gəlib torpağı  bütövlükdə götürüblər və indi adamların öz torpaqlarını onlara pulla icarəyə verirlər. Bu, tamamilə yanlış, tamamilə səhv bir münasibətdir. Torpağı olmayan vətəndaş orada daimi qala bilməz. Ona görə də bu çox ciddi məsələdir. Gürcüstan üçün yaradılmış bu qədər imtiyazlardan istifadə edərək Gürcüstanın hökumət dairələrinə, parlamentinə təsir etmək lazımdır ki, orada yaşayan azərbaycanlıların torpaq məsələsini həll etsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu məsələlərlə icra hakimiyyəti orqanları da məşğul olur, Milli Məclis də məşğul olur, ayrı-ayrı deputatlar da məşğul olur, o cümlədən mən də məşğul oluram. Ancaq bu məsələlərin bir-biri ilə əlaqəsini mən başa düşə bilmədim, çünki məsələnin bu şəkildə həll olunmasında birinci növbədə Gürcüstan yox, Azərbaycan maraqlıdır. Azərbaycan hökuməti  bir dövlət olaraq buna nail ola bildi ki, bu yüklər Rusiyaya çıxarılsın, yolu da ona görə açdı. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli sədarət, hörmətli Məclis! Məndən öncə çıxış edən millət vəkillərinin bir neçə fikri ilə mən də razıyam. Hesab edirəm ki, biz hər gün bir qərar qəbul edə bilmərik. Milli Məclis  sessiyanın əvvəlində qərara aldı ki, hər ikinci gün gündəliyin müzakirəsi zamanı cari məsələlər üçün əlavə olaraq yarım saat vaxt verilsin, bu vaxt cari məsələlər müzakirəyə çıxarılsın. Qarşıda uzun bir tətil var. Bundan əvvəl deputatların deyiləsi sözləri var. Ola bilsin, bunların bəziləri bu dövrə aiddir. Niyə bu vaxt verilməsin və nəyə görə bəzi millət vəkillərinin iradəsi ilə bunu həll edək? Kim israr eləyirsə, ona söz verilməlidir. Şəxsən mən istəyirəm, söz deyim. Nəyə görə mənim səsim alınmalıdır?
İndi deyilən məsələdə, hesab edirəm ki,  deputat yoldaşlarımız müəyyən mənada haqlıdırlar, çünki Notalar Mübadiləsi vaxtında təsdiq edilməlidir. Amma ümumən, şübhəsiz, mən sizin dediyinizlə razıyam ki, bu məsələnin bu şəkildə həlli Azərbaycanın xeyrinədir. Rtusiyanın müəyyən mənada gözdən pərdə asmaq fikri də olsa, - çünki artıq silahların bir hissəsi Ermənistana ötürülüb, - amma hər halda qalan texnikanın Azərbaycan ərazisindən keçməklə Gürcüstandan  çıxarılması müsbət hadisədir. 
Mən İqbal Ağazadənin MSK ilə bağlı fikrini  maraqlı partiyalardan biri kimi dəstəkləyirəm. Milli Məclisdə bizim 3 deputatımız var.  Mən İqbal Ağazadənin bu məsələdə fikrini dəstəkləyərək bilmək istəyirəm, nəhayət, Milli Məclis siyasi partiyaların MSK-dakı nümayəndələrini nə vaxt təsdiq edəcək? Seçkilərdən artıq 1 il keçir. Əgər bu proses indi başlasa, sentyabr-oktyabr aylarına qədər ancaq bitə bilər. Oktyabrda başlasa, gələn ilin yarısı keçəcək, məntəqələrdə, dairələrdə bu partiyaların nümayəndələri il yarım vaxtlarını itirəcək, il yarım  həm maaş almaq imkanları olmayacaq, həm də prosesdən kənarda qalacaqlar. Ona görə mən çox xahiş edirəm ki, tətilə qədər bu məsələ həll olunsun. Biz namizədlərimizi vermişik. Bu, 15 dəqiqəlik bir işdir. Səsə qoyulsun. Onsuz da siz bizim əvəzimizə namizəd verə bilməzsiniz, bu bizim səlahiyyətimizdir. Bu məsələ həll olunub qurtarsın.
İkinci, mənim təkid etməyimin bir səbəbi də bununla bağlı idi ki,  sentyabr ayında növbəti dərs ili başlayacaq. Bu gün bizdə olan məlumata görə, Azərbaycan rayonlarının az qala 70-80 faizində xarici dil müəllimi yoxdur. Rus dili müəllimləri də azalıb, yoxdur. Xarici dil müəllimləri, ümumiyyətlə, faciəvi bir şəkildə kənd məktəblərindən didərgin düşüblər. Belə çıxır ki, bu bir siyasətdir, gizli bir siyasətdir ki, ancaq elitar təbəqənin, şəhər əhalisinin uşaqları xarici dildə oxusun, gedib xarici ölkələrdə təhsil alsınlar. Yazıq kənd əhalisi bu prosesdən kənarda qalsın. Bunlar orta məktəbi qurtarıb  xarici dildə bir kəlmə bilmirlər. Sonra  gələndə də bunu bəhanə edib o adamları proseslərdən kənarda saxlayacaqlar. Mən çox istəyirəm ki, bu məsələyə Milli Məclis  diqqət yönəltsin. Biz Təhsil Nazirliyinə məktub yazaq,  bu işin həllinə planlı şəkildə başlansın. Nə vaxta qədər Azərbaycan kəndlərində xarici dil müəllimi olmayacaq? Bu çox ciddi bir məsələdir.
Nəhayət, bir hüquqşünasın taleyi ilə bağlı bir məsələni Məclisin diqqətinə çatdırmaq istəyirəm. Bilirsiniz ki, 2005-ci il sentyabrın 18-də “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq vakant hakim vəzifələrinə  namizədlərin seçkisi ilə bağlı yazılı test imtahanı keçirildi. Mənim tanıdığım və son dərəcə mükəmməl savadı olan bir hüquqşünas,  Baxışov Müzəffər Qiyas oğlu, - respublikada çox hüquqşünaslar onu yaxşı tanıyır, vaxtı ilə bizim MSK-da seçki məsələləri ilə məşğul olan bir adamdır, - birinci test yazılı imtahanında 1048 namizəd içərisində 86 bal toplayaraq 4-cü yeri tutub.  Belə görünür ki, bunun qarşısını heç kim ala bilməz. İkinci, şifahi imtahanda Baxışov Müzəffəri danışdırıblar.  Hamı deyib ki, cavablarından razı qaldıq, cavabların mükəmməldir. Amma sonra siyahı elan olunanda məlum olub ki, bu adam kənarda qalıb. Yazılı imtahanlarda 4-cü yer tutur, şifahi imtahanda hamı bundan razı qalır, amma ondan sonra kim necə istəyir, o cür həll edir. Hakimlərin seçkisi bu cürdür. Mən çox istəyirəm, Milli Məclis  müvafiq orqana  sorğu göndərib bir maraqlansın ki, nəyə görə belə savadlı bir hakim bu prosesdən kənarda qalıb?
Nəhayət, son olaraq bir məsələyə də diqqətinizi cəlb etmək istəyirəm. Biz neçə illərdir deyirik, xaricdən kredit alınsın, Bakının çevrə yolları çəkilsin. Bu barədə çox danışırıq. Bakıda hamı şikayətlənir ki, yollardan keçmək mümkün deyil. Bunun bir səbəbi odur ki, bütün ağır nəqliyyat Bakının mərkəzindən keçir, çevrə yolları yoxdur. Bu yollar üçün neçə illərdir, pul ayrılır. İndi məlum oldu ki, yenə onun bir hissəsi yeyilib, o yol tikilmir. Yəqin ki, 10 il də tikilməyəcək. Amma əvəzində Bakının içində, bəzən də gərəksiz yerlərdə körpülər tikilir. Özü də uzunluğu bir kilometr olan körpü.  Xaric körpüdən imtina eləyib, bu yolları çox vaxt yerin altından salır. Çünki bu körpülər şəhərin mənzərəsini pozur.  Mən müəyyən adamlarla söhbət zamanı aydınlaşdırmışam ki, bu körpülərin birinin qiymətinə... Məsələn, 3-cü mikrorayonda bir körpü tikilir, 16 milyon dollara. Bu ac xalqın 16 milyon dollarlıq körpüyə ehtiyacı yoxdur. Onun əvəzinə 3-4 körpü tikmək olar. Özü də o körpülər elə yerdə salınır ki, məhz orada ona ehtiyac yoxdur. Yəni hər şey başıpozuq, hər şey küyə getmək yolu ilə həll olunur. Bakı şəhərində düşünülmüş, ağıllı bir planlaşma yoxdur. Ona görə mən xahiş edirəm ki, Bakının statusunun müəyyənləşməsi, şəhərsalmanın bir qaydaya salınması, Bakının çevrə yolunun çəkilməsi və sair kimi məsələlərlə ciddi məşğul olsun və bizim Milli Məclisə bu barədə hesabat versinlər ki, bu kreditlər haradan gəlir, hara gedir? Nəyə görə bu boyda vəsait çox gərəksiz yerə sərf olunur?
Sədrlik edən. Sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Çox sağ olun, Valeh müəllim. Gündəlikdə olan məsələ müsbət bir addımdır və mən, təbii ki, bunun lehinə səs verəcəyəm. Amma mən bir məsələni sessiyamızın son iclası olduğuna görə çatdırmaq istəyirəm, çünki bir də oktyabrda toplaşacağıq.
Bilirsiniz, Amerika Birləşmiş Ştatlarının Konqresində hərbi yardımlarla bağlı hərbi komissiya belə bir fikir irəli sürdü ki, Buş administrasiyasının müraciətinə də baxmayaraq, Azərbaycanla Ermənistana eyni həcmdə hərbi yardım verilə bilər. Halbuki bu, doğru bir şey deyil. Çünki Amerika Birləşmiş Ştatları bu bölgədə Azərbaycanın müttəfiqi kimi çıxış edir.  Yəni Amerika Birləşmiş Ştatları deyir, Azərbaycan bizim müttəfiqimizdir, biz Azərbaycanın ərazi bütövlüyünə hörmət edirik. Amma digər bir tərəfdən, Dağlıq Qarabağın separatçı rejiminə yenidən yardımların verilməsi ilə bağlı qərar qəbul edir.
Əgər Azərbaycanın ərazi bütövlüyünə hörmət edilirsə, Azərbaycan hakimiyyətinin, rəsmi Bakının icazəsi olmadan separatçı rejimə necə yardım verilə bilər? Əgər doğrudan da, Birləşmiş Ştatlar Dağlıq Qarabağın separatçı rejimini başqa separatçı rejimlərdən ayırmırsa,  niyə Abxaziyanın, Cənubi Osetiyanın, Dnestryanının separatçı rejimlərinə bu yardımı vermir?  Amma Dağlıq Qarabağın separatçı rejiminə hər il artıra-artıra verir.
Mən hesab edirəm ki, bu, Azərbaycanın ərazi bütövlüyünə Birləşmiş Ştatlar tərəfindən çox mənfi bir münasibətdir. İndi Dağlıq Qarabağa növbəti dəfə bir də yardım ayıracaqlar. Biz bunu Konqresin diqqətinə Azərbaycanın müraciəti şəklində çatdırmalıyıq ki, Azərbaycan parlamenti buna etiraz edir. Birincisi, o məsələyə ki, Ermənistanla Azərbaycana eyni səviyyədə hərbi yardım edilsin. Çünki bu, doğru deyil. Ermənistan yox, Azərbaycan  bu bölgədə Birləşmiş Ştatların müttəfiqidir. İkincisi, Dağlıq Qarabağın separatçı rejiminə bu yardımların verilməsi, hesab edirik ki, bizim ərazi bütövlüyümüzə hörmətsiz bir münasibətdir. 
Digər bir məsələ dinlə bağlıdır. Valeh müəllim, biz Milli Məclisə bir də oktyabrda toplaşacağıq. Ona görə lazımi komissiyalara bəlkə göstəriş verəsiniz,  o vaxta qədər işləyib, müvafiq bir sənəd hazırlasınlar.  Ölkəmizdə çox mənfi bir tendensiya gedir. Əslində, çoxları bunu yaxşı başa düşür. Missioner təşkilatların burada nə ilə məşğul olduğunu hər kəs bilir. Ölkədə təriqət baş alıb gedir. İslam dininə dəxli olmayan, amma İslam pərdəsi altında yayılan təriqətlər, xristian təriqətləri və sair. Bu sahədə vəziyyət artıq təhlükəli hal almaqdadır. Mən danışanda deyir ki, siz əgər bunu eləmirsinizsə, sizin qanınız mənə halaldır. Deyirəm, niyə  bizim qanımız sənə halaldır, axı, biz eyni millətik. Yox, bizim təriqətimiz bunu belə deyir. Yaxud biz orduya gedə bilmərik. Niyə? Ermənilər bizim din qardaşımızdır, biz onlara atəş aça bilmərik. Hərbiyə getmək bizə qadağandır.
Bilirsiniz, bunların qarşısının alınması üçün ciddi bir iş görülməlidir. Mən düşünürəm ki, hər bir gənc mütləq ona verilməyən bir şeyi başqa yerdə axtaracaq. Əgər biz dinimizi məktəblərimizdə gənclərimizə tədris etmiriksə, onların bir hissəsi məscidlərdə, bir hissəsi də kilsələrdə müxtəlif təriqətlərin təsirinə düşəcək. Bütün xristian ölkələrində Bibliyanı öyrədirlər. İndi bunun adını din dərsi qoymayaq,  din tarixi dərsi qoyaq,  mənəviyyat dərsi qoyaq. Amma mən xahiş edirəm ki,  bu məsələyə bir az ciddi baxaq. Çünki bu, gələcəkdə ölkəmiz üçün çox ciddi problemlərdən birinə çevrilə bilər.
Digər bir məsələ. İranda azərbaycanlıların təhqir edilməsi barədə bəzi millət vəkillərimiz danışdı. Mən çox təəssüf edirəm ki,  bizdə “Da Vinçinin kodu” filminə İranda azərbaycanlılara qarşı olan münasibətdən daha çox reaksiya verilir. Çox təəssüf edirəm, çünki hər halda biz də o təhqir olunan millətin nümayəndələriyik, biz ona daha sərt reaksiya verməliyik.
Mən İranın ərazi bütövlüyünə də hörmətlə yanaşıram, hər hansı bir ölkənin daxili işinə qarışmağın da əleyhinəyəm. Amma bu cür təhqirlərə laqeyd qalmaq olmaz. Hər halda onlar bizim qardaşlarımızdır və biz də təhqir olunuruqsa, parlament səviyyəsində, parlamentin İran-Azərbaycan dostluq qrupu səviyyəsində İran parlamentinə bununla bağlı hər hansı bir münasibət bildirilməlidir ki, onlar da bu məsələni pisləsinlər. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Qənirə xanım. Mən deputatlardan xahiş edirəm, müzakirələrimiz gündəliyə yaxın getsin. Üzr istəyirəm, MSK-dan danışırsınız. Konstitusiya Məhkəməsi bu günə kimi hələ nəticələri təsdiq eləməyib. Heç kəs bilmir ki, kim keçib, kim keçməyib, kimlərin səlahiyyətləri təsdiq olunub, kimlərinki olunmayıb, hansı partiyanın nümayəndələri keçib, hansılar keçməyiblər.
Amerika Konqresi, ya hökuməti kiməsə yardım verir. Başına döyüb deyə bilərik ki, filankəsə yardım vermə, bizə yardımı artır? İmkanımız da var, gücümüz də var, ordumuzu da qururuq və quracağıq. Heç kimin yardımından da asılı deyilik. O məsələni gərək müzakirə eləyək? Milli Məclisdə bu məsələləri müzakirə eləmək... Çox üzr istəyirəm, qardaş kimi deyirəm, həmkar kimi deyirəm, bizim səviyyəmiz belə olmamalıdır.
Təriqətlərlə əlaqədar da, əsaslandırılmış, mövcud qanunvericilik səviyyəsində təklifiniz varsa, müvafiq komissiyaya təklifinizi verin, əsaslandırın, müzakirə etsinlər, burada müzakirə eləyək. Yoxsa deməklə, danışmaqla, emosiya ilə iş düzəlməz. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. İclasın əvvəlində Bakı-Tbilisi-Ceyhan kəmərinin artıq işə başlaması, Ceyhan terminalının açılması ilə əlaqədar təbriklərə qoşulduq, alqışladıq. Həqiqətən, bu, Azərbaycanın dövlət maraqları üçün və geosiyasi  mövqelərimizin möhkəmlənməsi üçün çox böyük bir hadisədir. Amma eyni zamanda, tarixi həqiqət və ədalət naminə bir fakt da qeyd olunmalıdır. Bilirsiniz ki, Bakı-Ceyhan kəmərinin tikintisi haqqında beynəlxalq səviyyəli danışıqlar 1992-ci ilin payızında başlanmışdı, ilk dövlətlərarası sənəd 1993-cü ilin mart ayında, Azərbaycanın o vaxtkı Prezidenti Əbülfəz Elçibəy tərəfindən İstanbulda imzalanmışdı. Ona görə də mən hesab edirəm ki, bu işin reallaşmasında  indiki Azərbaycan iqtidarının və şəxsən Heydər Əliyevin rolu qeyd edilməklə yanaşı, heç şübhəsiz,  mərhum Prezident Əbülfəz Elçibəyin də adı bu gün burada çəkilməlidir.
Hörmətli Milli Məclis, bu gün biz, dəfələrlə vurğulandığı kimi,  yaz sessiyasında axırıncı iclasımıza toplaşmışıq. Amma mən həyəcanla və ürək ağrısı ilə qeyd eləyirəm ki, çoxlarının Milli Məclisdə istirahətə hazırlaşdığı bir məqamda bizim on minlərlə vətəndaşımız və aztəminatlı vətəndaşlarımız pensiya idarələrinin qarşısında növbələrdə durmaqdadırlar. Burada bir neçə dəfə səslənməsinə baxmayaraq, keçən ilin payızında qəbul olunmuş “Ünvanlı sosial yardım haqqında” Qanunun həyata keçirilməsi ilə əlaqədar olaraq, yerlərdə çox çətin və gərgin vəziyyət yaranıb və bu, faktiki olaraq bir çox vətəndaşlarımız, o qədər də yaxşı maddi, mənəvi vəziyyətdə olmayan vətəndaşlarımız üçün əlavə bəla mənbəyinə çevrilib. Bu məsələyə qayıtmaq, bu məsələni öyrənmək, ehtiyac olarsa, həmin qanuna əlavə və dəyişikliklər etmək lazımdır. Bu qanunun həyata keçirilməsi ilə bağlı olaraq meydana çıxmış məsələlərə,  çox təəssüf ki, yaz sessiyasında baxa bilmədik.
Hörmətli Valeh müəllim deyə bilər ki, bunun gündəliyə aidiyyəti yoxdur. Mənim Valeh müəllimə çox böyük hörmətim var, amma bizdə keçmiş sovet dövründən qalmış bir ənənə var ki, kim rəyasət heyətində oturursa, bütün məsələlər barədə özünü mütəxəssis sayır və  bir qayda olaraq, aşağıda oturanlara da bir şagird-müəllim nəzəri ilə baxmağa başlayır. Bu məsələlərə də hər halda münasibət bildirilməsini, yəni bunun nəzərə alınmasını xahiş edirik. Amma hər halda təkrar edirəm, bu  ünvanlı sosial yardımla bağlı  məsələnin, heç olmasa, komissiyalar səviyyəsində, - hörmətli Hadi müəllimə müraciət edirəm, - əlaqədar icra hakimiyyəti orqanlarının iştirakı ilə mütəmadi olaraq, nəzərdə saxlanılması və  qanuna mümkün dəyişikliklərlə bağlı digər normativ aktlara əlavələr edilməsi məsələsinə baxılması çox vacib olardı.
Nəhayət, heç cür başa düşmək olmur ki, Azərbaycan cəmiyyətində son dövrdə süni surətdə  siyasiləşdirilmiş, ajiotaja səbəb olmuş Təhsil haqqında qanunu niyə qeyri-müəyyən dövrə qədər təxirə salmış olduq. Ona görə də prinsip etibarı ilə Milli Məclisin işi xeyli dərəcədə formal xarakter daşısa da, bir çox hallarda qanunların və qərarların, sadəcə olaraq, notarial qaydada təsdiqi funksiyasını daşısa da, biz də notarius işçiləri kimi fəaliyyət göstərsək də, mən hesab edirəm ki, indiki vəziyyətdə oktyabra qədər 4 aylıq fasilə böyük müddətdir. Yeni təhsil ili başlayacaq. Minlərlə təhsil işçisi, şagirdlər, tələbələr, alimlər bu məsələ ilə əlaqədar olaraq qeyri-müəyyənlik içərisindədirlər. Belə bir qanun, ümumiyyətlə, gündəliyə çıxarılmasa idi,  mövcud qanunla da biz işlərimizi qura bilərdik. Amma  hesab edirəm, həm Milli Məclisin rəhbərliyi, həm də ölkənin rəhbərliyi bu məsələyə baxmalıdır.
Mən burada bir məsələyə də münasibətimi bildirməyi lazım bilirəm. Hər halda böyük fəxrlə qeyd eləməyə bilmərəm ki, keçmiş SSRİ respublikaları arasında 1993-cü ilin may ayında 3 gün bundan əvvəlki tarixdə o vaxtkı Azərbaycan hökuməti bütün rus qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasını təmin eləmişdi. Amma həmin vəziyyətlə bağlı burada toxunulan  Cənubi Azərbaycan türklərinin, -  mən bu sözü deməkdə fəxarət duyuram,  - kim özünə türk deyirsə və türk dilini özünə təhqir bilmirsə, onun öz işidir. Azərbaycanda müxtəlif xalqlar yaşayır, müxtəlif etnik mənsubiyyəti olan Azərbaycan vətəndaşları vardır və onların hamısı bərabərdir, hamısına hörmətimiz var. Amma biz Azərbaycan türküyük, türklərin və türk dilinin təhqir olunmasına qarşı öz vicdan səsimizi ucaldırıq. Burada, Milli Məclisdə də bəziləri bunu özlərinə hansısa cəhətdən təhqir bilmirsə, İranda olduğu kimi, burada da Azərbaycan türklərinin sözlə öz etirazlarını ifadə etməsi haqqına təcavüz eləməsinlər.
Sonra, gündəlikdəki məsələ haqqında. Bu Notalar Mübadiləsi barədə anlaşma 21 apreldə imzalanıb. Beynəlxalq hüquq normalarına və Azərbaycanın strateji maraqlarına uyğun olduğuna görə mən də bunun gec də olsa, təsdiq olunmasının tərəfdarı kimi çıxış edirəm. Sağ olun. 
Sədrlik edən. Çox sağ olun. Bundan sonrakı çıxışlarda da, xahiş edirəm, gündəlikdəki məsələlərə münasibətinizi bildirəsiniz. O ki qaldı sədrlik eləyən insan özünü necə aparır, ya aparmır, o, sədrlik eləyən insanın öz işidir. Sədrin işi elə odur ki, iclası, toplantını düzgün istiqamətdə aparsın. Bəzi hadisələri xatırlatmaq və yada salmaq istəmirəm, kim kimi necə öyrədirdi və kim kimə necə ağıl verirdi. Təklif var ki, bu məsələni səsə qoyaq. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ağsaqqalımız Əkrəm Əylisli gündəlikdə olan məsələ ilə əlaqədar söz istəyir.
Ə. Naibov-Əylisli. Mənim danışmaq fikrim yox idi. Milli Məclisdə tez-tez bəzi çıxışlarda bizim qonşuluq münasibətlərimizə, qonşu xalqlarla ünsiyyətimizə, yüz ildən bəri yaşadığımız həyat tərzinə qarşı düşünülməmiş və Azərbaycan xalqının gələcəyinə mənfi təsir göstərə bilən notlar səslənir. Mən Asim bəyin çıxışında bunu hiss elədim. Rusiya buradan silah aparacaq, buna qarşı hücum. Amerikapərəstlik Azərbaycan xalqını hara aparıb çıxaracaq, mən bunu bilmirəm? Amerikalılar dünən Əfqanıstanda sadə camaatı tankın altına salıb əzdilər. Bunun bizə guya dəxli yoxdur, guya biz müsəlman deyilik,  biz bu regionda yaşamırıq. Saldılar, əzdilər. Amma rus tankını buradan dinc yolla aparacaq, bu çox fəlakətli bir hadisə kimi qələmə verilir.
Bilirsiniz, biz ruslarla 200 il bir yerdə yaşamışıq, məktəbimizi tikmişik, savadımızı almışıq, cənubdakı qardaşlarımızdan fərqli olaraq, nəhayət, elə bir səviyyəyə çatmışıq ki, özümüzə müstəqil dövlət qurmuşuq və bu müstəqil  dövləti bu gün də yaşada bilirik. Gəlin, belə şeyləri unutmayaq, yaxın qonşularımızı hər an dalamayaq. Rusiyanı Amerika diz çökdürə bilmədi. Amerika Çeçenistanda trilyon dollarını xərcləyib, Rusiyanı diz çökdürə bilmədi. Rusiya yaşayır, regionda bizim ən yaxın müttəfiqlərimizdən biridir. Gözəl Rusiya dövləti yaranıb. Amerikanın bu regionda fəallaşması şəxsən mənə bir insan, vətəndaş kimi perspektivli görünmür.
O dövlətə dərs veririk, bu parlamentə dərs veririk. Bu cür şeylərlə heç nəyə nail olmayacağıq. Ancaq  bəşəriyyəti özümüzə güldürə bilərik. Biz elə bilirik ki, dünyanın göbəyi Azərbaycandır, bütün dünya oturub Azərbaycana qulaq asır, biz hər nə desək, dünya bunu qəbul eləməyə hazırdır. Mən hesab edirəm ki, parlamentdə əgər konstruktiv, yəni işgüzar, faydalı şəkildə işləsək, ola bilər ki, elə bu parlamentin içərisində hamının arzuladığı konstruktiv müxalifəti də yaradaq. Bizə lazım olan bu müxalifət qoy elə parlamentin içində yaransın, meydanlarda, küçələrdə haray-həşir hesabına yaranmasın. Mənim sözüm bu qədər.
Sədrlik edən. Çox sağ olun. Məsələni müzakirə elədik. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri  (saat 12.48 dəq.)
Lehinə 88
Əleyhinə                 1
Bitərəf       2
Səs vermədi       0
İştirak edir               91
Nəticə: qəbul edildi

Qəbul edildi. Təşəkkür edirəm.
İkinci məsələyə keçirik. “Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramı”nın təsdiq edilməsi haqqında. Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Valeh müəllim, hörmətli millət vəkilləri! Cənab Prezident tərəfindən Milli Məclisə  Azərbaycan Respublikası Hökuməti və Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında Əməkdaşlıq Proqramının layihəsi gəlmişdi. Həmin proqram aşağıdakıları nəzərdə tutur. Bilirsiniz ki, qloballaşan dünyada  sosial-iqtisadi inkişafda əqli mülkiyyətin rolu getdikcə artır.  İnkişaf etmiş bir sıra ölkələrdə bu amil hesabına ümumi daxili məhsulun xeyli hissəsi təmin olunur və eyni zamanda, inkişafın keyfiyyət göstəriciləri də yaxşılaşır. Bu, nəzərə alınaraq, Azərbaycan Respublikası Hökuməti ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatı arasında son illərdə əməkdaşlıq münasibətləri getdikcə geniş xarakter alır.
Azərbaycan Respublikasının qlobal iqtisadi birliyə daha geniş inteqrasiyasını təmin etmək məqsədi ilə Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Proqramı var və bu Proqramın bir sıra maddələri Azərbaycan hökuməti ilə  razılaşdırılmışdır. Proqramın məqsədi ilk növbədə digər ölkələrin təcrübələri və uyğunlaşma üzrə beynəlxalq meyillər nəzərə alınmaqla, əqli mülkiyyət sahəsində Azərbaycan Respublikasının milli qanunvericiliyinin təkmilləşdirilməsi, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin və Müəllif Hüquqları Agentliyinin texniki bazasının və insan resurslarının möhkəmləndirilməsi, əqli mülkiyyətin mühafizəsi sahəsində dünya təcrübəsindən bəhrələnmək və Azərbaycanda hüquqların təminatının genişləndirilməsi, Azərbaycan Respublikasının ərazisində müxtəlif biznes qurumları tərəfindən həyata keçirilən elmi, texnoloji, mədəni və iqtisadi fəaliyyətin müvafiq sahələrində əqli mülkiyyətin rolunun genişləndirilməsidir.
Proqramın fəaliyyət müddəti Azərbaycan hökuməti tərəfindən müəyyən edilir, eyni zamanda, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının özünün müəyyən etdiyi razılaşmalar əsasında təmin olunur. İştirak edən agentliklər, hər bir mərhələdə proqramın mahiyyətindən, məqsəd və vəzifələrindən asılı olaraq Azərbaycan hökumətinin ayrı-ayrı strukturları çıxış edə bilərlər.
Bu proqrama əlavədə əqli mülkiyyətin fəaliyyət sahəsinin ilkin siyahıları verilmişdi. Burada əqli mülkiyyət sahəsində qanunvericiliyin, Azərbaycanda əqli mülkiyyət hüquqlarının təminat sisteminin təkmilləşdirilməsi, müvafiq məqsəd qrupları üzrə seminarların, konfransların keçirilməsi, o cümlədən gömrük sahəsində, polis sahəsində, antiinhisar qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi sahəsində nişanların beynəlxalq qeydiyyatına dair təkmilləşmələrin aparılması, sənaye nümunələrinin beynəlxalq qeydiyyatına dair Haaqa sazişi üzrə, aşağıda sadalanan konvensiya, müqavilə və sazişlərin həyata keçirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulur: Ümumdünya Əqli Mülkiyyət Təşkilatının Müəllif hüququna dair müqaviləsi, Azərbaycan Respublikasında insan resurslarının inkişafı və əqli mülkiyyət sahəsində tədqiqat və tədris üzrə potensialın stimullaşdırılması, mütəmadi şəkildə elmi məsləhətləşmələr aparılması, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının idarə etdiyi proqramlar çərçivəsində hökumət rəsmiləri üçün təlimlərin keçirilməsi, müxtəlif peşə qruplarının ümumi bilik səviyyəsinin artırılmasına yönəldilmiş seminarların və elmi simpoziumların təşkili və sair.
Ən vacib məsələlərdən biri milli əqli mülkiyyət strategiyasının inkişafına kömək, dəstək, əqli mülkiyyətin istifadəsi, xüsusən texnologiyanın ötürülməsi, lisenziyalaşdırma, marketinq, əqli mülkiyyət aktivlərinin dəyərləndirilməsi üzrə Azərbaycan hökumətinə yardımdır. Bir sözlə, hesab edirəm ki, Ümumdünya Əqli Mülkiyyət Təşkilatı ilə əməkdaşlığın genişləndirilməsi, təqdim olunan proqramın təsdiqi  Azərbaycanda əqli mülkiyyət sahəsində mövcud olan problemlərin aradan qaldırılmasına, bizim milli sərvətin formalaşmasında əqli mülkiyyətin rolunun yüksəlməsinə, Azərbaycanın elmi-texniki potensialından səmərəli istifadə edilməsinə imkan verəcəkdir.
Hörmətli sədarət, bu məsələ komissiyanın iclasında müzakirə edilmişdir. Millət vəkillərindən xahiş olunur ki, əməkdaşlıq üzrə proqramın təsdiqinə müsbət münasibət bildirsinlər.
Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, Valeh müəllim. Ziyad müəllim çox əhəmiyyətli  məqamlara toxundu. Doğrudan da, çox vacib bir sazişdir. Bu sazişin bu gün parlamentdə müzakirə obyektinə çevrilməsi Azərbaycanın sürətli inkişafı ilə bağlıdır. Biz artıq bütün problemləri hüquq müstəvisində, beynəlxalq münasibətlər müstəvisində müdafiə etmək iqtidarındayıq. Belə bir saziş də bizə yalnız və yalnız köməklik göstərəcək. Ona görə, təbii ki, belə bir sazişin Azərbaycanda qəbul olunması yalnız dəstəklənməlidir. Beynəlxalq münasibətlər komissiyası yekdilliklə bu sənədin təsdiq olunmasının tərəfdarıdır. Həmkarlarımızdan xahiş edərdik ki, onlar da bu sazişə müsbət  münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Mən də hesab edirəm ki, təqdim olunmuş sənədə heç kimin iradı ola bilməz. Xanhüseyn müəllim, buyurun.
X. Kazımlı. Çox sağ olun, Valeh müəllim. Mən də hesab edirəm ki, əqli mülkiyyət üzrə beynəlxalq sazişin imzalanması Azərbaycan üçün, Azərbaycanın beynəlxalq rəy müstəvisində mövqeyinin daha da möhkəmləndirilməsi və bir daha olduğu kimi tanınması üçün olduqca vacibdir. Vaxtınızı çox almaq istəmirəm. Bildirmək istəyirəm ki, əqli mülkiyyət sahəsində belə bir qanunvericiliyin, belə bir sazişin imzalanması sahibkarlığın bir növü olan intellektual sahibkarlığın inkişafına böyük meydan açacaq və bizim Azərbaycan alimlərinin ixtiralarının beynəlxalq miqyasda yayılmasına təkan verəcəkdir. Ona görə mən  bütün deputat həmkarlarımı bu sazişə səs verilməsinə səsləyirəm. Hesab edirəm, bu saziş zəruridir.  Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənim fikrimcə, əlavə müzakirəyə ehtiyac yoxdur. Ona görə münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri   (saat 12.57 dəq.)
Lehinə    87
Əleyhinə                 1
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               88
Nəticə: qəbul edildi

Qəbul edildi. Təşəkkür edirəm.
Üçüncü məsələyə keçirik. “Azərbaycan Respublikasının bəzi qanunlarında dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında. Söz verilir Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun. Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər edilməsi barədə qanun layihəsi cənab Prezident tərəfindən qanunvericilik təşəbbüsü qaydasında verilib.  Nəzərdə tutulur ki, bəzi qanunlar Mülki Məcəlləyə uyğunlaşdırılsın. Bu qanunlar içərisində “Bələdiyyə əmlakının idarə edilməsi haqqında” Qanun və digər qanunlar da var. Mən, birinci, bələdiyyə əmlakı ilə əlaqədar qanunlar haqqında demək istəyirəm. Misal üçün, “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin 5-ci bəndində köhnə redaksiyada yalnız dövlət ehtiyacları qeyd olunmuşdu. Mülki Məcəllədə və bizim Konstitusiyada isə ictimai ehtiyaclar da nəzərdə tutulur və bu, daha geniş bir məfhumdur. Bələdiyyə ehtiyacları da ora daxildir. Odur ki, bütün sadalanan qanunlarda bələdiyyə maraqları ictimai maraqlarla əvəz olunub.  12-ci maddənin 5-ci bəndinin birinci abzasında ”Azərbaycan Respublikasının qanunvericiliyində” sözləri “qanunda” sözü ilə əvəz edilib. İkinci abzas aşağıdakı redaksiyada verilib: ”Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə onun bazar dəyəri  miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər”.
Növbəti düzəliş “Torpaq icarəsi haqqında” Qanunadır. Burada da belə bir düzəliş var. “Torpaq bazarı haqqında” Qanunda da belə bir düzəliş var. Azərbaycan Respublikasının Torpaq Məcəlləsində analoji bir düzəliş var. Bu qanunun altıncı abzasında “Satın və ya məcburi satın alınması” sözləri “özgəninkiləşdirilməsi” sözü ilə əvəz edilibdir. Çünki Mülki Məcəllədə  də belədir, Konstitusiyada da belədir və ümumiyyətlə, belə düzgündür. Növbəti düzəliş Torpaq Məcəlləsinin 70-ci maddəsinədir. Bu maddənin 1-ci bəndindən “bələdiyyə” sözü çıxarılıb.
Axırıncı düzəliş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunadır. Burada da nəzərdə tutulubdur ki, 1.4.0.5-ci maddə aşağıdakı redaksiyada  verilsin: “ictimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırmaq”. Bu qanunun da 2.6.10-cu maddəsindən “bələdiyyə” sözü çıxarılıbdır.
Məsələyə komissiyada baxılıb və Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə olunubdur. Xahiş edirəm, səs verəsiniz. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Bu qanuna dəyişikliklər komissiyada müzakirə olunub. “Sahibkarlıq fəaliyyəti haqqında”, “Elektroenergetika haqqında” qanunlara  redaktə xarakterli dəyişikliklər nəzərdə tutulub. Komissiyanın adından mən də bu dəyişikliklərə səs vermənizi xahiş edərdim.
Sədrlik edən. Təşəkkür edirəm. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Sabir Hacıyev. Buyurun, Sabir müəllim.
S. Hacıyev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü.
Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Artıq Arif müəllim, Ziyad müəllim fikirlərini çatdırdılar. Burada bəzi termin dəyişiklikləri müvafiq qanunların təkmilləşdirilməsi məqsədi güdür. Bir çox qanunvericilik aktlarına, o cümlədən Torpaq Məcəlləsinə, “Sahibkarlıq  fəaliyyəti haqqında”, “Dövlət qulluğu haqqında” qanunlara dəyişikliklər edilib. İndi konkret olaraq hər bir maddəyə dəyişiklik haqqında vaxtınızı alıb fikirləri çatdırmaq istəmirəm. Amma onlardan bəzilərini qeyd edəcəyəm. Məsələn, “Dövlət qulluğu haqqında” Qanuna edilən dəyişikliklərin bir neçəsini deyim. Misal üçün, 8-ci maddədə “aparat” sözü çıxarılıb. 11.4-cü maddədə “aparıcı və köməkçi bölmələr” anlayışı “təminedici və yardımçı bölmələr” anlayışı ilə əvəz edilib. 11-ci maddədə “işlər müdirləri”, “Prezidentin müşaviri” sözləri çıxarılıb. Ona görə ki, qanunda hər hansı vəzifənin konkret adının göstərilməsi məqsədəmüvafiq deyil. Çünki vəzifələrin adı dəyişildikcə bu qanuna dəyişiklik edilməsi zərurəti yaranır. Ümumiyyətlə, bu layihədə redaktə xarakterli digər düzəlişlər də nəzərdə tutulub.
Bizim komissiyada məsələyə baxılmış və tövsiyə olunmuşdur ki, bu qanun layihəsi qəbul edilsin. Təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən.  Buyurun.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Valeh müəllim, hörmətli Məclis üzvləri! Mən çıxış eləməyəcəyəm. Konkret olaraq bir məsələni hörmətli Arif müəllimdən soruşmaq istəyirəm. Biz Azərbaycanın yaxın keçmişində bir az da olsa, mənfi praktikanı gördük. Rusiya media aləmində bir termin var - iqtisadi legitimlik. Azərbaycanda onun ancaq siyasi tərəfini götürüblər. İqtisadi legitimlik dedikdə o başa düşülür ki, insanların iqtisadi strukturlarına, mülkiyyətlərinə və sairə toxunulmayacaq. Bu termin çox özünə yer eləyir və beynəlxalq aləmdə də çox yaxşı qarşılanır. Azərbaycanda bu söz bir az spekulyasiya predmetinə çevrilib. Hətta yerlərdə müəyyən dəyişikliklər baş verəndə onların mülkiyyət məsələlərinə yenidən baxılır.
Azərbaycan iki prinsipi vacib olaraq elan eləyib. Söhbət mülkiyyət toxunulmazlığından gedir. İndi burada “bələdiyyələr” əvəzinə “ictimai ehtiyaclar” məfhumunu qoyaraq subyektiv... Bu, əlbəttə, bir başqa qanun layihəsinin tələbindən irəli gəlir. Mən bunu da anlayıram. Çıxarılmış qərarlara yenidən baxılması imkanları yaranır. Bu şəxslər indiyə qədər də Bakıda doğulub, bölgələrdə doğulublar. Çıxarılmış qərarlara...
Sədrlik edən. Siz desəydiniz ki, çıxış eləmək istəyirsiniz, mən Sizin əl qaldırmağınızı başqa cür qəbul eləyərdim. Siz dediniz ki, sualım var. Ya sualınızı verin, ya  da çıxış eləyin. Siz dediniz ki, sual verirəm. Sual da bir cümlədən,  çox ağıllı, çox ciddi sual olsa, beş cümlədən ibarət ola bilər. Xahiş edirəm, sualınızı verin, cavabınızı çalışarıq alaq.
Z.Orucov.  Mən sual verməkdən imtina eləyirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Deputat Axundova.
E. Axundova. Çox sağ olun. Bir halda ki, biz Azərbaycan Respublikasının bəzi qanunlarına dəyişikliklər edilməsi haqqında qanunu müzakirə edirik, xahiş edirəm, bir əlavəni də müzakirə eləyək. Mən bir neçə iclasda təklifimi səsləndirmək istəmiş, amma gündəlik ətrafında müzakirə olmadığından buna nail ola bilməmişəm. Məsələ isə bizim səlahiyyət dairəmizdədir. Hesab edirəm ki, bu məsələ çox vacibdir və biz onu payız sessiyasından əvvəl həll edə bilərik.
Bu, Vətən uğrunda həlak olmuş şəhidlərin adlarının əbədiləşdirilməsi ilə bağlıdır. Şəhidlərimizin böyük bir hissəsi 1992-1994-cü illərdə Qarabağ uğrunda döyüşlərdə  həlak olubdur. Çoxunun adı elə o vaxt əbədiləşdirilib. Ancaq bəzi adlar rayonların kolxoz və sovxozlarına verilib. 1996-1997-ci illərdə kolxoz və sovxozlar ləğv edilib və şəhidlərimizin adları da elə bil havadan asılı qalıb. İndi mənə və digər deputatlara şəhidlərimizin valideynləri müraciət edirlər. Xahiş edirlər ki, həlak olmuş övladlarının adları rayon və ya kəndlərin küçələrinə, kənd məktəblərinə verilsin. Biz də öz növbəmizdə Nazirlər Kabinetinə yazırıq. Oradan da bizə cavab gəlir ki, indiki qaydaya görə o şəhidlərin adları ancaq aldıqları  orden və ya medallara görə əbədiləşdirilə bilər. Halbuki 1993-1994-cü illərdə gənc, müstəqil respublikamızın bir sıra orden və medalları heç təsis edilməmişdi. Ona görə, necə deyərlər, qapalı dövrə yaranır.
Mən hörmətli sədarətdən xahiş edərdim ki, bu məsələni Nazirlər Kabineti, yaxud Prezident Aparatı qarşısında qaldırsınlar. Şəhid adlarının rayon səviyyəsində əbədiləşdirilməsi, məncə, rayonun icra strukturlarına həvalə edilməli,  onlar da öz növbəsində komissiyalar təşkil edib, bütün rayonlar üzrə bu məsələni araşdırıb, kolxoz və sovxozlar ləğv edildikdən sonra havadan asılı qalmış şəhid adlarını təzədən əbədiləşdirməlidirlər. Bu bir çox bürokratik əngəlləri aradan qaldıra bilər.
Mən çox xahiş edirəm, bu məsələyə diqqət yetirək. Çünki bu məsələnin ədalətli həlli cavanlarımızın vətənpərvərlik tərbiyəsində mühüm rol oynayar və bir çox şəhid ailələrinin narazılıqlarını aradan qaldırardı. Mən çox istərdim ki, bu kimi məsələlər operativ həll edilsin. Əks halda bizim işimizin səmərəliyi aşağı düşür. Çox sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Elmira xanım, müzakirə etdiyimiz məsələyə münasibətinizi başa düşmədim. Qəbul edirsiniz, yəqin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox sağ olun. Ancaq çox üzr istəyirəm, Sizin deputat olaraq təcrübəniz mənimkindən qat-qat artıqdır. Bu son aylarda bəzi qanunvericilik aktları bura çıxarılmamışdan qabaq, - mən öz təcrübəmdən deyirəm, Eldar müəllim, Nizami müəllim, Musa müəllim təsdiq eləyə bilərlər, - suallarım olanda qabaqcadan  komissiyanın sədrinə və ya üzvünə yaxınlaşırdım, suallarımı verirdim, müzakirə eləyirdik. Əgər tutarlı bir təklif verirdimsə, Prezident Aparatında və ya  qanun layihəsini təqdim eləyən başqa orqanda müzakirə eləyib, ya qəbul eləyirdilər, ya da qəbul eləmirdilər.
Təklif vermək istəyirsinizsə, dəyişiklik eləmək istəyirsinizsə, bunda nə problem var ki? Qabaqcadan müvafiq komissiyaya müraciət eləyin, müzakirə olunsun. Siz sədarətə tapşırıq verdiniz. Mən Sizin tapşırığınızı qəbul eləyirəm. Biz müvafiq komissiya ilə işləyib çalışarıq bu məsələni həll eləyək.
Mən prosedurdan danışıram. Hər bir məsələni qabaqcadan  komissiyada müzakirə eləmək olar. Əgər söhbət nəticədən gedirsə, məncə, bu, daha səmərəli olar. Söhbət başqa şeydən gedirsə, əlbəttə, burada da danışmaq olar. Deputat Mustafayev.
F. Mustafayev. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Valeh müəllim, bu gün bu dolaşıqlığın yaranmasına əsas səbəb bizim əvvəlcədən müəyyən edilmiş prosedurun pozulmasıdır. Əvvəldən yarım saat versəydiniz, predmet üzrə də hamı rahat danışardı və gündəliklə bağlı da normal təkliflərini verərdi. Bir çox adamlar elə ona görə mövzudan kənara çıxmağa məcbur oldular.
Amma mən predmet üzrə danışmaq istəyirəm. Bu qanunda göstərilən dəyişikliklər çox ciddi məsələlərin, yeni münasibətlərin ortaya çıxmasına səbəb olacaqdır. Fikrimi konkret maddələr üzrə bildirmək istəyirəm. 12-ci maddənin 5-ci bəndində verilən dəyişikliklərdə göstərilir ki, ictimai ehtiyaclar, filanlar tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş hallarda və şərtlərlə, onun bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər. Qeyd etmək istəyirəm ki, qanunvericilikdə yalnız bu, götürülə bilməz. Çünki digər hallar, yəni  cinayət yolu ilə əldə edilmiş əmlakın müsadirə edilməsi, qanunsuz müqavilələrin bağlanması və digər əməllər yolu ilə əldə edilmiş əmlakın qaytarılması və sair hallar da var. Ona görə təklif edirəm ki, burada “yalnız” sözü “qanunvericiliklə müəyyənləşdirilmiş qaydada” sözləri ilə əvəz olunsun.
“Torpaq icarəsi haqqında” Qanuna edilən dəyişikliklərdə göstərilir ki, bu məsələlər Mülki Məcəllə ilə tənzimlənir. İcarəyə verilmiş torpaq mülki dövriyyədə olan əmlak sayılmadığına görə onun Mülki Məcəllə ilə tənzimlənməsi, əslində, mümkün deyil. Ona görə də burada Torpaq Məcəlləsi də nəzərdə  tutulmalıdır. Yalnız Mülki Məcəllə ilə tənzimləmək hüquqa uyğun olmaz.
Torpaq Məcəlləsinin 8-ci maddəsinin altıncı abzasının yeni  redaksiyasında deyilir ki, əmlak ictimai maraqlar nəzərə alınmaqla məcburi şəkildə geri qaytarıla bilər. Bir şeyi biz qeyd eləməliyik ki, əvəzsiz istifadəyə verilmiş torpağı məcburi geri qaytarmaq olmaz. Çünki hər bir yeni bələdiyyə üçün təzə bir ictimai maraq yarana bilər. Bu, bələdiyyəyə  istənilən icarədarın əmlakını rahatca onun əlindən almaq imkanı verə bilər. Burada mexanizm necə olmalıdır? Sadəcə, müqavilədə dəqiq, aydın göstərilməlidir ki, hansı hallarda müqavilə şərtlərinə əməl olunmasa, o torpaq geri qaytarıla bilər. Biz sui-istifadənin qarşısını almalıyıq.
70-ci maddənin 3-cü bəndində çox ciddi qüsur var. Onu bu redaksiyada vermək olmaz. Bu, mülki cəmiyyətin ümumi prinsiplərinə ziddir. Göstərilir ki, torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün geri alınması zərurəti yarandıqda icarə hüququna zərərin əvəzi ödənilməklə Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə vaxtından əvvəl xitam verilə bilər.
Əslində, bizdə bir şeyi aydınlaşdırmaq lazımdır. Dövlət ehtiyacı və ictimai ehtiyac, ümumiyyətlə, anlaşılması mümkün olmayan, dəqiq tərifi olmayan anlayışlardır. İstənilən dövlət, istənilən bələdiyyə özü üçün belə ehtiyaclar yarada bilər və bu, mülkiyyət hüququnun toxunulmazlığına böyük zərbə vura bilər. Zahid bəy də elə buna diqqət yetirməyimizi istəyirdi.
Digər tərəfdən burada icra hakimiyyətinin qərarı ilə bu mülkiyyətin götürülməsi məsələsindən söhbət gedirsə, icra hakimiyyəti orqanı ancaq icra hakimiyyətinin öz mülkiyyətində olan əmlakla bağlı qərar verə bilər, özgənin əmlakı ilə yox. Konstitusiyanın 13-cü və 49-cu maddələrinə diqqət yetirmək lazımdır. Orada da göstərilir ki, mülkiyyətin götürülməsi onun haqqı əvvəlcədən ədalətli şəkildə ödənilməklə mümkündür. Həm də burada mülkiyyətçinin razılığı olmalıdır. Bunu məcburi şəkildə almaq olmaz. Təəssüf ki, bizdə bu kimi məsələlərdə nə Konstitusiya, nə də ədalət yada düşür.
Açığı, mən hesab edirəm ki, bu maddədən torpaqların yenidən bölüşdürülməsi iyi gəlir. Burada Hacıbala müəllimin məşhur budka əməliyyatı yada düşür. Kimsə hansısa məsrəflər hesabına Rafael Allahverdiyevdən, keçmiş Bakı Şəhər İcra Hakimiyyətindən budkalar üçün sərəncam almışdı. Hamı da bilir ki, onun üstündə nə qədər pul verilirdi. Bir günün içində ictimai maraq tələb elədi, o vətəndaşlara heç bir kompensasiya ödənilmədən onların götürdükləri bütün o budkalar əllərindən alınıb sıradan çıxarıldı. Ona görə də biz bu kimi məsələlərə çox ciddi yanaşmalıyıq.
Burada söhbət həm də torpaq islahatının uğurlu şəkildə getdiyi Azərbaycandan gedir. Təbii ki, nöqsanlar var. Amma Azərbaycanda torpaq islahatı yeganə sahədir ki, burada bir qan düşmədi, dava düşmədi, yəni ciddi mübahisələr olmadı. Ona görə də mən hesab edirəm ki,  gələcəkdə mülkiyyətçinin hüququnun toxunulmazlığını təmin eləmək üçün bu maddə çox ciddi dəqiqləşdirilməlidir. İcra hakimlərinin, bələdiyyələrin özlərindən ictimai maraq uyduraraq, burada bir park salınacaq, burada bir heykəl qoyulacaq, burada bir kəmər çəkiləcək deyərək torpağı mülkiyyətçinin  əlindən almasına şərait yaratmağa bizim haqqımız yoxdur. Bu maddədə biz bir daha bunun üzərində durmalıyıq. Ona görə komissiya üzvləri öz izahatlarını verəndən sonra bu məsələyə növbəti dəfələrdə baxmaq daha məqsədəuyğun olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İsgəndərov. Buyurun.
N. İsgəndərov. Çox sağ olun. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Mən qanunla bağlı danışacağam. İlk öncə ulu öndər Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan neft kəməri vasitəsi ilə neftin nəqlinin Heydər Əliyev adına Ceyhan terminalına çatması münasibəti ilə Azərbaycan xalqını təbrik edirəm! Millət vəkillərindən xahiş edərdim ki, bu münasibətlə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə təbrik məktubu göndərək.
Qanunla bağlı. Qanunun VII fəsli - Azərbaycan Respublikası Mülki Məcəlləsinin 107-5.1-ci maddəsi ilə bağlı fikirlərimi söyləmək istəyirəm. Bu qanun Regional məsələlər və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri komissiyalarının birgə iclasında müzakirə olunmuşdur. Orada da mənim bəzi sual və təkliflərim olmuşdur. Bu maddədə deyilir ki, səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Öz praktikamdan bilirəm ki, bu sadə səs çoxluğu səhmdarların iclasında çox böyük problemlərə gətirib çıxarır. Ona görə bu məcəllədə “sadə səs çoxluğu” anlayışının açıqlanmasını təklif edərdim.
107-10.7-ci maddə səhmdarların hüquqlarının pozulmasına gətirib çıxarır. Mən təklif edərdim, bu maddədə göstərilsin ki, cəmiyyətin səhmlərinin 20 faizinə malik olan şəxs səhmdar cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Çünki bu həm bizim Konstitusiyamıza, həm də səhmdarların hüquqlarının pozulmasına gətirib çıxarır.
Təklif edirəm, gələn sessiyamızda biz bu maddəyə və ümumiyyətlə, Mülki Məcəllənin səhmdar cəmiyyət haqqında bəzi müddəalarına yenidən baxaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Mən də məndən əvvəl çıxış eləyən deputat həmkarlarımın əksər fikirlərini bölüşür və hesab eləyirəm ki, təqdim olunan bu qanun layihəsinin mahiyyəti bütövlükdə aydın deyil. Bu qanunlar nəyə söykənir, niyə bu təkliflər indi reallaşdırılır? Konkret maddələrlə bağlı məndən əvvəl hörmətli İsgəndərov çıxış elədi, deputat həmkarımız səhmdarlarla bağlı dedi.
Mən bu məsələyə bir qədər də geniş toxunmaq istəyirəm. Başqa hallar nəzərdə tutulmayıbsa, səhmdarlar qərarları sadə səs çoxluğu ilə qəbul eləyirlər. Deyək ki, mülkiyyətin 95 faizinin səhmi bir  nəfərin, 5 faizinin səhmi isə 15 nəfərin əlindədir. Bu səsvermədə 95 faiz mülkiyyəti olan şəxsin səsi digərlərinin səsi ilə necə bərabər ola bilər? Bu dəyişikliyin təklif olunması nə dərəcədə hüquqidir və bunun arxasında nələr dayanır?
Bizim də özəlləşdirmə sahəsində indiyə qədər olan proseslərdən az-çox məlumatımız var. Adətən, səhmin böyük əksəriyyəti əvvəlcədən bu idarədə çalışmış ayrı-ayrı adamların və ya kollektivin, 3-5 faizi də İqtisadi İnkişaf Nazirliyi tərəfindən bu prosesə  payçı kimi cəlb olunmuş ayrı-ayrı adamların əlində olur. Heç bilinməyən halda bir də görürsən, ömründə o kollektivlə bağlı olmayan bir adam gəlir, orada səhmdar kimi iştirak eləyir. İştirak etsin, normaldır. Amma səsvermə hüququ, əmlakın üzərində hər hansı bir səlahiyyət heç vaxt mülkiyyətçi ilə kiçicik bir paya məxsus olan adamlar arasında bərabər bölünə və ya qərar səs çoxluğu ilə qəbul oluna bilməz.
Torpaq Məcəlləsinin 8-ci maddəsinin altıncı abzası  yeni redaksiyada aşağıdakı kimi verilir: “İctimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması.” Bundan əvvəlki maddədə dövlət ehtiyacları çox aydın şəkildə göstərilib. İctimai ehtiyaclar da onun içərisində gedir. Amma məndən əvvəl də qeyd olundu, hər bir yeni seçilmiş bələdiyyənin özünün ictimai maraqları və şəxsi maraqları var. İndiyə qədər uzunmüddətli istifadəyə verilmiş, qısamüddətli istifadəyə verilmiş və ya əvəzsiz olaraq verilmiş mülkiyyətin yerindən, qiymətindən,  perspektivliyindən asılı olaraq bu orqanların yeni qərarlar vermək maraqları ortaya çıxır. Hansı ictimai ehtiyaclara görə mülkiyyətçilər həmin müqavilələrdən imtina etməli və onlarla müqavilə pozulmalıdır? 
Əvvəla, “ictimai ehtiyaclar” məfhumunun özünə çox ciddi aydınlıq gətirilməlidir. İctimai ehtiyac nədir? Burada dəfələrlə olub. Qanuna bu şəkildə terminlər daxil edilib və sonra o terminlərin arxasında ayrı-ayrı məmurlar, ayrı-ayrı strukturlar, hətta seçkili strukturlar, bələdiyyə strukturları, icra strukturları kifayət qədər qeyri-qanuni hərəkətlər ediblər. Ona görə ictimai ehtiyaclar dedikdə qanunda konkret olaraq açılmalıdır ki, ictimai ehtiyaclar nədir? Bundan əvvəl dövlət ehtiyacları burada çox aydın göstərilirsə, ictimai ehtiyaclar da göstərilməlidir. Məsələn, yazılır ki, yolların, digər kommunikasiya xətlərinin  çəkilməsi, sərhəd zolağının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikilməsi. Yəni  artıq konkret bilirsən ki, dövlətin ehtiyacları dedikdə bu hallar nəzərdə tutulur. Təbii ki, onda mülkiyyətçinin haqqı ödənilməklə onun əmlakı ya əvəz oluna bilər, ya da sadəcə, pulu ödənilə  bilər. Amma sadəcə olaraq, “ictimai mənafe tələb etdikdə” sözləri ilə kifayətlənmək yolverilməzdir. Ona görə təklif edirəm, bu qanun geri qaytarılsın, təkmilləşdirilsin, payız sessiyasında yenidən baxaq və qəbul eləyək. Çox sağ olun.
Sədrlik edən. Mən düzgün başa düşdümsə, layihədə əgər “ictimai ehtiyaclar” anlayışı “dövlət ehtiyacları” anlayışı kimi dəqiq verilsə, bu problem həll edilmiş olar. Elədirmi? Aydındır. Cavadov.
Ə. Cavadov. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Mən də çıxışımı “Sahibkarlıq fəaliyyəti haqqında” Qanuna dəyişikliklər edilməsini təklif eləyən Nizami müəllimin və qeyri həmkarlarımın çıxışları ilə əlaqələndirirəm. Vaxtınızı çox almamaq üçün qısa bir məlumat vermək istəyirəm. Bildiyiniz kimi, ümummilli liderimiz cənab Heydər Əliyev tərəfindən hələ 1995-ci ildən respublika səviyyəsində aparılmağa başlanmış özəlləşdirmə siyasəti çərçivəsində orta və iri dövlət müəssisələrinin xüsusi mülkiyyətə verilməsi nəticəsində 1500-ə yaxın səhmdar cəmiyyət yaradılmışdır. Əksər hallarda həmin cəmiyyətlərin icra orqanlarının rəhbərləri əsas səhm zərfinin sahibləri olurdular. Hazırda da həmin tendensiya dəyişilməmişdir.
Bildirirəm ki,  2004-cü il 3 mart tarixli  qanunla Mülki Məcəllənin bir neçə maddəsinə əlavə və dəyişikliklər  edilmişdir. Həmin dəyişikliklərdən biri də Mülki Məcəllənin 107-10.7-ci maddəsinə edilmişdir. Bu dəyişikliyə görə, cəmiyyətin səhmlərinin 20 faizinə malik olan şəxs səhmdar cəmiyyətin icra orqanının üzvü seçilə bilməz. Qeyd etmək istəyirəm ki, adı çəkilən həmin maddə mülki praktikaya və reallığa zidd olan bir maddədir. Belə ki, Mülki Məcəllənin hazırda qüvvədə olan 107-10.7-ci maddəsi həm Azərbaycan Respublikasının Konstitusiyasına, həm də başqa qanunvericilik aktlarına ziddir.
Mülki Məcəllənin mülki qanunvericiliyin prinsiplərini müəyyən edən 6-cı maddəsinin 1-ci bəndində mülki hüquq subyektlərinin bərabərliyi təsbit olunmuşdur. Həmin prinsip Konstitusiyamızın bərabərlik hüququnu nəzərdə tutan 25-ci maddəsindən irəli gəlir. Lakin Mülki Məcəllənin 107-10.7-ci maddəsində səhmdar cəmiyyətdə 20 faizdən az səhm sahibi olan şəxslərlə 20 faizdən çox səhm sahibi olan şəxslər arasında bərabərlik pozulmuşdur. Adı çəkilən maddə Mülki Məcəllənin 154.2-ci maddəsi ilə də uyğun gəlmir. Həmin maddəyə görə Mülki Məcəllənin 6.3-cü maddəsində nəzərdə tutulan  məqsədlər üçün qanunvericilik yolu ilə məhdudiyyətlərin müəyyənləşdirdiyi hallar istisna olmaqla, fiziki və hüquqi şəxslərin mülkiyyətində olan əmlakın miqdarı və dəyəri məhdudlaşdırılmır. Halbuki məlum maddədə səhmdar cəmiyyətdə 20 faizdən çox səhmi olan şəxslərin icra orqanlarının üzvü seçilməsi qadağan olunmaqla faktiki olaraq mülkiyyət hüququ-mülkiyyətdə olan əmlakın miqdarı məhdudlaşdırılmışdır. Bu hal isə, eyni zamanda, Konstitusiyamızın 29-cu maddəsində əksini tapmış, mülkiyyət hüququna ziddir.
Hörmətli millət vəkilləri, şərh olunanları nəzərinizə çatdıraraq təklif edirəm ki, Mülki Məcəllənin 107-10.7-ci maddəsi Azərbaycan Respublikası  Konstitusiyasının və qanunvericiliyinin tələblərinə zidd olduğundan, mülki praktikaya və sahibkarlıq subyektlərində iqtisadi dərəcəyə uyğun olmadığından parlamentin müvafiq komissiyası tərəfindən həmin maddənin Mülki  Məcəllədən çıxarılması barədə qanun layihəsi hazırlanaraq Milli Məclisin müzakirəsinə təqdim edilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Məncə, bəzi suallara cavab vermək lazımdır ki, burada eyni fikirlər təkrarlanmasın. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Burada mülkiyyətin müdafiəsi ilə bağlı məsələ qaldırıldı və sual verildi ki, dövlət ehtiyacları, ictimai ehtiyaclar nədir, bunların anlayışı varmı? Ola bilsin, indi bu anlayışla kimsə razı olsun, ya razı olmasın, ancaq Mülki Məcəllənin 157-9-cu maddəsində bu çox aydın yazılıbdır. 157-9-cu maddə: “Dövlət ehtiyacları və ictimai ehtiyaclar tələb etdikdə dövlət tərəfindən mülkiyyət yalnız qanunla icazə verilmiş hallarda yolların və digər kommunikasiya xətlərinin çəkilməsi, sərhəd zolaqlarının müəyyən edilməsi və ya müdafiə əhəmiyyətli obyektlərin tikintisi məqsədi ilə müvafiq dövlət orqanı tərəfindən və yalnız bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özkəninkiləşdirilə bilər”. Burada birmənalı deyilir. İndi kimsə küçələrdən köşkləri yığıbdır, sonra onu bərpa ediblər. O bu məsələyə aid olan şey deyil. Odur ki, dövlət ehtiyacları və ictimai ehtiyaclar, mən hesab edirəm ki, tamamilə düzgün verilibdir.
Bələdiyyə ehtiyacları nə olan şeydir? Bələdiyyənin özünün hansısa bir marağı ola bilər ki, çox pul qazansın. Ancaq bu ehtiyac ictimai ehtiyaca ziddirsə, əlbəttə, bunu qəbul eləmək olmaz. Bələdiyyələr ictimai ehtiyacın daşıyıcısı, təşəbbüskarı ola bilərlər. Ancaq “bələdiyyə ehtiyacları” yazmaq düzgün deyil.
Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 70-ci maddəsinin 3-cü bəndinin aşağıdakı redaksiyada verilməsinə etiraz var: “Mülkiyyətdə olan torpaq sahələrinin dövlət ehtiyacları və ya ictimai ehtiyaclar üçün özgəninkiləşdirilməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş şərtlərlə müvafiq icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilir.” Bu heç də o demək deyil ki, bu qərarla mülkiyyətçi razı deyilsə, müvafiq icra hakimiyyəti orqanının qərarına yenidən baxıla bilməz. Bundan ötrü məhkəmə mexanizmi var və ümumi qaydada məhkəməyə müraciət etməklə bu məsələlər öz həllini tapa bilər. Odur ki, mən hesab etmirəm, nə isə düzgün yazılmayıbdır.
Mən bir şeyi də demək istəyirəm. Düzdür, bu mənə aid olan məsələ deyil. Təklif olunur ki, 107-5-ci maddə ilə əlaqədar məsələyə yenidən baxılsın. Bu maddə, ümumiyyətlə, çox böyük bir dəqiqləşdirmə gətirir. O dəqiqləşdirmə ondan ibarətdir ki, hər bir şəxs bir səs deməkdir. Bilirsiniz ki, təxminən bir il bundan qabaq biz düzəliş verdik. Orada  səhmdarların 70 faizindən çoxunun iştirakı nəzərdə tutulurdu. Belə halda səhmdarların ümumi iclasını yığmaq olmurdu. Ancaq indi deyirik ki, səhmlərin çoxu kimdədirsə,  məsələni də o, həll etməlidir. Biz hesab edirik ki, bu, ədalətlidir.
Əlbəttə, Mülki Məcəlləyə də, Torpaq Məcəlləsinə də, digər  sənədlərə də iradlar ola bilər və bəzi hallarda bu iradların əsası da var. Ancaq bu gün bizim müzakirəmizə verilən düzəlişlər bunlardır. Biz bunları müzakirə edirik və bunlara səs vermək istəyirik. Kim ki bu prosesdə iştirak etmək istəyir... Milli Məclisin işçi qrupu yaradılıbdır. O işçi qrup  Torpaq Məcəlləsinin və digər qanunların hazırda monitorinqini keçirir. Mən xahiş edərdim ki, orada iştirak eləyək və növbəti düzəlişdə o məsələlər öz həllini tapsın. Mən hesab edirəm ki, biz bu gün verilən layihəni qoyub başqa məsələlərə keçsək, bunun axırı olmayacaq və bu qanunu heç vaxt qəbul eləyə bilməyəcəyik.
Nəhayət, axırıncı məsələ. Çıxışlarda belə bir fikir də səsləndi ki, guya burada mülkiyyətin toxunulmazlığına zərbə vuran hallar var. Bu heç də belə deyil. Mülkiyyət dövlətin müvafiq institutları ilə müdafiə olunub. Bundan ötrü məhkəmə var, bu məsələlər apellyasiya qaydasında müzakirə oluna bilər.
Söhbət oldu ki, niyə burada “yalnız” yazılıbdır. Yəni burada  müsadirə məsələsi ola bilər. Müsadirə ilə əlaqədar xüsusi maddə var. Bu, müsadirəyə aid deyil. Mən onun üçün həmkarlarıma müraciət edirəm, xahiş edirəm, bu layihəyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Mən bircə onu əlavə etmək istəyirəm ki, əgər biz bütün məsələləri bu gün təklif olunmuş əlavə və dəyişikliklərlə həll eləmək istəyiriksə, bu, mümkün olmayacaqdır. Ona görə biz belə qərara gəlmişik ki, mövcud qanunvericilikdə olan problemlər, ziddiyyətlər, anlaşılmayan  məqamlar 4 ay ərzində komissiyalar çərçivəsində müzakirə olunsun, monitorinq keçirilsin, hazırlıq işləri aparılsın və bu müddət ərzində hər hansı qanunla əlaqədar kiminsə hər hansı təklifi varsa, əsaslandırılmış şəkildə, yazılı şəkildə təqdim eləsin. Yaz sessiyasını bitirəndən sonra bu aralıqda payız sessiyasına hazırlıq apararaq bütün bu təklifləri, müraciətləri müzakirə eləyək ki, payız sessiyasında bunları həyata keçirə bilək.
Ona görə də mən Arif müəllimlə razılaşıram ki, bu təqdim olunmuş sənəd müzakirə olunur, qəbul olunur, ancaq iş davam eləyir. İş dayana bilməz. Mən inanıram ki, 4 ay ərzində biz böyük işlər həyata keçirə bilərik. Əgər kimisə  bu verilən cavablar qane eləmirsə, kimsə çıxış eləmək istəyirsə, buyursun.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Zahid müəllim, buyurun.
Z. Orucov. Hörmətli Valeh müəllim, mən bayaq  bir jest olaraq sualımdan imtina edərkən, Sizinlə polemika açmaq istəmədim. Bu, əslində, bir protest idi. Bizim Daxili Nizamnaməmizdə prosedurlar üzrə sualın məhz bir cümlədən və ya üç cümlədən ibarət olması haqqında heç bir müddəa tapmazsınız və mənim 5 illik, heç olmasa, kiçik bir elmi qabiliyyətim çatardı ki, o Nizamnaməni yaxşı mənimsəyim. Bunu bir xülasə kimi qeyd eləyirəm.
Burada sonuncu fikriniz belə oldu ki, bəri başdan problemi yaradırıq, sonra o problem gedir, vətəndaşlara ağır bir yük olur və həmin  problemləri təzədən bu Milli Məclisə daşıyırıq, onları həll eləməklə məşğul oluruq. Arif müəllimə, - ən azı keçmiş dönəmdə gördüyümü deyirəm, - hər kəsin  çox qabiliyyətli, yaxşı və səmimi bir insan kimi böyük bir hörməti var. Amma bu, mənə elə gəlir ki, Arif müəllimin ağlını, düşüncəsini ifadə eləmir və Arif müəllim indi bu qanun layihəsi ilə bağlı öz mütərəqqi düşüncələrini deyir.
Amma biz görmüşük, kənddə ən xoş məramlı qanunlar belə bəzən vətəndaşın daha çox ziyanına işləyir. Biz yerlərə gedəndə qanunların pis və ya yaxşı işləməsindən daha çox vətəndaşlardan hansısa maddi umacaq yönlü müraciətlər görürük. Halbuki millət vəkili yaxşı qanun istehsal eləsə və  onun icrası yaxşı olsa, vətəndaş ondan çox yaxşı xeyir götürər və millət vəkilindən hansısa bir maddi umacağı olmaz.
Burada söhbət nədən gedir? Mülki Məcəllənin 157-ci maddəsində  ictimai ehtiyacların nədən ibarət olduğu göstərilir, anlayışı verilir. Lakin sonra 169-cu maddədə hətta drenaj tədbirləri, qaz və elektrik xətlərinin çəkilməsi və sair də bura əlavə olunur.
Yeri gəlmişkən deyim ki, bu mülkiyyət məsələlərini tənzimləmək üçün biz təxminən 2 il bundan əvvəl nəzərə alaraq ki, yaxşı qanunlarımızdan pis istifadə eləyən məmurlarımız da var, o məmurların məsuliyyətini müəyyənləşdirən yeni bir qanun qəbul elədik. Orada artıq əlində mülkiyyət sənədi olan vətəndaş bu problemin ağrısını çəkməsin deyə, məmurların üzərinə müəyyən məsuliyyət qoyulurdu. Hələ mən indiyə qədər bunun tətbiq olunduğunu və  hansısa bir konkret məmurun səhv sərəncam verdiyi üçün cəzalandığını və ya vətəndaşa dəymiş ziyanın ödəndiyini görməmişəm.
Bu qanun layihəsi əvvəldən vətəndaşı dövlət orqanları, məhkəmə orqanları ilə, vətəndaşla üz-üzə qoyur. Biz belə qanun layihəsini təsdiq etməməli, bu gün ona səs verərək hüquqi qüvvəyə mindirməməliyik.
Burada bir problem də ondan ibarətdir ki, bir sıra hallarda məhkəmə çəkişmələrində həmin o mülkiyyət obyektinin dəyərinin ödənilməsi məsələsi çox formal həll olunur. Baxmayaraq ki, burada bazar qiymətləri anlayışı özünün yerini tapıb, mülkiyyətçi bundan çox ciddi ziyan çəkir. Ona görə mən dedim, hər bir ölkənin gücü həm də onunla ölçülür ki, orada iqtisadi legitimlik birmənalı şəkildə bərqərar olsun, yəni vətəndaşın mülkiyyətinin toxunulmazlığı konstitusion haqq kimi əbədi, əzəli tanınsın və heç kəs düşünməsin ki, 50 il sonra Azərbaycanda bir siyasi hakimiyyət forması bərqərar olacaq, o bu mülkiyyət məsələsinə təzədən baxacaq. Mən bunları demək istəyirdim.
Əminəm ki, parlament üzvləri olaraq Sizinlə bizim münasibətlərimiz normal olacaq. Parlamentin heç xatırlamaq istəmədiyim keçmiş idarəçiliyində bəzən biz səhv akademizm hallarını da görmüş və ona qarşı da çıxmışıq. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təkid eləyən var? Qənirə xanım, məsələyə aid konkret təklif və ya iradlarınız varsa, buyurun.
Q. Paşayeva. Burada problem nədən yaranır? 12-ci maddənin 5-ci bəndinin birinci abzasında hər şey çox gözəl yazılıb: “Dövlət ehtiyacları və ya ictimai ehtiyaclar tələb etdikdə sahibkarın əmlakı yalnız Azərbaycan Respublikasının  Mülki  Məcəlləsində  nəzərdə  tutulmuş  hallarda və şərtlərlə onun bazar dəyəri miqdarında qabaqcadan əvəzi ödənilməklə özgəninkiləşdirilə bilər.” Mülki Məcəllədə konkret yazılıb,  bu dövlət ehtiyacları və ictimai ehtiyaclar nədir.
Burada problem 8-ci maddənin altıncı abzasındadır. Bu abzasda deyilir: “İctimai ehtiyaclar tələb etdikdə bələdiyyə tərəfindən hüquqi və fiziki şəxslərə əvəzsiz istifadəyə verilmiş torpaq sahələrinin məcburi geri alınması barədə məhkəmədə iddia qaldırılması.” Artıq burada Mülki Məcəllədən söhbət getmir və ictimai ehtiyacların nədən ibarət olduğu bilinmir. Birincidə ictimai ehtiyaclar, yəni kommunikasiya xətləri, yollar və sair var. Amma burada ictimai ehtiyac nədir, bilinmir.
Sabah bir bələdiyyə məhkəmədə iddia qaldıracaq, istənilən bir yeri almaq üçün deyəcək ki, bu, ictimai ehtiyacdan irəli gəlir. Rayon və kəndlərdə bu, ciddi problem yarada biləcəyinə görə, xahiş edirik ki, 12-ci maddədəki kimi 8-ci maddədə də “ictimai ehtiyac” anlayışı bir az açılsın. Yoxsa bələdiyyə sabah deyə bilər, mən burada bir bağ salacağam ki, kəndin burası gözəlləşsin. Bu da ictimai ehtiyac ola bilər. Ona görə  ictimai ehtiyacın konturları bir az dəqiqləşsə,  yaxşı olar. Çox sağ olun.
Sədrlik edən. Qənirə xanım, burada hər yerdə Mülki Məcəlləyə istinad olunur. Ona görə də hüquqi cəhətdən belə qəbul eləyirəm ki, bu sənəddə ictimai ehtiyaclardan, dövlət ehtiyaclarından danışanda ancaq  Mülki Məcəllədə verilən anlayış nəzərdə tutulur. Ona görə mən  burada problem görmürəm. Ancaq indi deyilənləri komissiya üzvləri, komissiya sədrləri eşitdilər. Ona görə xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 13.46 dəq.)
Lehinə     66
Əleyhinə               20 
Bitərəf       4
Səs vermədi       0
İştirak edir               90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Təşəkkür edirəm.
4-cü məsələyə keçirik. Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Birinci oxunuş.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Cənab  Prezident tərəfindən Milli Məclisə Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi təqdim edilmişdir. Bu qanun layihəsi Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında çox ətraflı, geniş müzakirə olunmuşdur. Komissiyanın iclasında Milli Bankın İdarə Heyətinin sədri Elman Rüstəmov, Milli Bankın rəhbər işçiləri, idarə heyətinin üzvləri, eləcə də Bakıda fəaliyyət göstərən iri bankların rəhbərləri iştirak etmişlər. Təqdimat mərasimi yüksək səviyyədə olmuşdur.  Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanunu layihəsinin strukturu, məqsəd və vəzifələri, icra mexanizmi cədvəllərlə, kompüter texnologiyası vasitəsi ilə nümayiş etdirilmişdir.
Mən razılıq hissi ilə qeyd etmək istəyirəm ki, Azərbaycanda aparılan iqtisadi islahatların mühüm tərkib hissələrindən biri bank sistemində aparılan islahatlardır. Bu gün Azərbaycanda bank sistemində aparılan islahatlar, sözün əsil mənasında, Azərbaycanın iqtisadi inkişafına bilavasitə təsir göstərmiş, Azərbaycanın beynəlxalq aləmə inteqrasiyası üçün geniş imkanlar yaratmışdır. Bu gün Azərbaycanın bank sistemi bir çox beynəlxalq məclislərdə  ölkəmizi ləyaqətlə təmsil edir. Azərbaycanda aparılan pul-kredit siyasəti, banklarda aparılan islahatlar müsbət nəticələr  verir. Bu gün bizdə bank sisteminin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlar Azərbaycanın davamlı və keyfiyyətli inkişafına yönəlmişdir.
Əmanətlərin sığortalanması haqqında qanun layihəsinin məhz indi, Azərbaycanın sosial-iqtisadi inkişafının indiki mərhələsində təqdim edilməsi də obyektiv bir zərurətdir. Təbii ki, banklarla əmanətçilər arasında münasibətlər həmişə eyni cür inkişaf etmir. Bankların fəaliyyətində  risklərin çox olduğu bir şəraitdə əmanətlərin cəlb edilməsi müşkül bir məsələyə çevrilir. Ona görə də müasir mərhələdə Azərbaycanda yaranmış mövcud şərait, bank sistemində aparılan islahatlar əmanətlərin sığortalanması məsələsini kəskinliklə ortaya qoyur. Azərbaycanda əmanətlər artır. Eyni zamanda, bu prosesin daha da təkmilləşməsinə ehtiyac vardır. Azərbaycanda fəaliyyət göstərən bütün banklar sığortalanma prosesinə qoşulurlar.
Təqdim edilmiş Əmanətlərin sığortalanması haqqında Azərbaycan Respublikası qanununun layihəsi 4 fəsil,
32 maddədən ibarətdir. I fəsil ümumi müddəalardan ibarətdir. II fəsil əmanətlərin sığortalanması fondundan bəhs edir. III fəsildə əmanətçilərin fondla və iştirakçı banklarla münasibəti və kompensasiya məbləğinin ödənişindən danışılır. IV fəsil isə yekun müddəalardır.
Əmanətlərin sığortalanması haqqında təqdim olunan qanun layihəsində banklarda qorunan əmanətlər barədə danışılır. Bankın milli və xarici valyutada cəlb edilmiş pul vəsaitləri onun qorunan əmanətləri sayılır. Lakin müəyyən istisnalar var ki, qorunan əmanətlər sırasına daxil edilmir.
Qanun layihəsinə bankın məcburi ləğvi və ya müflis elan olunması, öhdəliklərin ödənilməsinə monitorinq tətbiq edilməsi, likvidliyin itirilməsinin Milli Bank tərəfindən təsdiq edilməsi məsələsi də daxil edilmişdir. Yəni burada sığorta hadisəsinin mahiyyəti açıqlanır. Əmanətlərin sığortalanması sisteminin təşkilat forması 3-cü maddədən 11-ci maddəyə qədər açıqlanır. Göstərilir ki, bu məqsədlə Əmanətlərin Sığortalanması Fondu yaradılır. Həmin fond hüquqi şəxsdir, qeyri-kommersiya təşkilatıdır, ona lisenziya tələb olunmur.
Qanun layihəsində əsas məsələlərdən biri fondun idarə olunması məsələsidir. Burada ali idarəetmə orqanı Himayəçilik Şurasıdır. Himayəçilik Şurasının tərkibi Milli Bankın üç müvafiq icra hakimiyyəti orqanının iki və iştirakçı bankların iki nümayəndəsindən ibarətdir. Himayəçilik Şurasına sədr rəhbərlik edir. Himayəçilik Şurası tərəfindən icraçı orqana icraçı direktor 5 il müddətinə təyin edilir.
Hörmətli millət vəkilləri, məlumat üçün bildirmək istəyirəm ki,  dünyanın artıq 90 ölkəsində Əmanətlərin sığortalanması haqqında qanun fəaliyyət göstərir. Hətta bəzi ölkələrdə, məsələn, Amerika Birləşmiş Ştatlarında belə bir qanunun fəaliyyətinin 70 ildən çox tarixi vardır. Dünyanın bir çox ölkələrində məhz bu qanunların fəaliyyəti nəticəsində banklara inam artmış, əmanətçilər və banklar arasında münasibətlər normal məcraya düşmüşdür. Bir məsələni də deyim ki, Avropa Şurasına daxil olan ölkələrin hamısı belə bir qanunu qəbul etməlidir. Əgər bu və ya digər ölkə Əmanətlərin sığortalanması haqqında qanun qəbul etməzsə, həmin ölkə Avropa Şurasının üzvü ola bilməz.
Komissiyaların iclasında Beynəlxalq Bank, Kapital Bank, Standart Bank, Bank of Baku, Banklar Assosiasiyası təmsil olunmuşdular. Bu bankların nümayəndələrinin də qanun layihəsi ilə bağlı təklifləri oldu.  Milli Bank və Banklar Assosiasiyası bu qanunun müzakirəsində artıq bir neçə ildir, fəal iştirak edirlər. Qanun layihəsinin ildən-ilə təkmilləşməsi göz qabağındadır.
Komissiyanın iclasında, təbii ki, mübahisə doğuran məsələlər meydana çıxdı. Himayəçilik Şurasının tərkibi haqqında, fəaliyyət müddəti haqqında, fondun sığorta ehtiyatları barədə deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, Xanhüseyn Kazımlı və komissiyanın digər üzvləri öz fikirlərini söylədilər. Müəyyən fikir ayrılığı oldu. Bu da təbiidir.
Mən xahiş edirəm, nəzərə alasınız ki, Azərbaycan cəmiyyətində pulu olan, banka maraq göstərən hər bir şəxs, hər bir vətəndaş bu qanunu səbirsizliklə gözləyir. Çünki Azərbaycanda pul gəlirləri artır, pul gəlirlərinin artması ilə əlaqədar olaraq banklara münasibət dəyişir. Camaat istəyir ki, banklara inam olsun. Əmanətlərin sığortalanması haqqında bu qanun layihəsi, sözün əsil mənasında, Azərbaycan əhalisinin banklara olan münasibətinin dəyişdiyini göstərir. Eyni zamanda, dövlətlə  -  Milli Bankla  kommersiya bankları arasında yeni münasibətlər yaranır. Bəziləri deyirlər ki, hər şeyi dövlətin üzərinə qoyaq, Milli Bank bütün funksiyaları öz üzərinə götürsün. Bəzi kommersiya bankları bundan sui-istifadə edə bilər və onda cəmiyyətdə, hökumətdə, dövlətdə risklərin artması ehtimalı yarana bilər. Bu kimi məsələlər bütün dünya ölkələrində müzakirə olunduğu kimi, Azərbaycanda da diqqət mərkəzindədir.
Ən mübahisəli, ancaq zəruri məsələlərdən biri də fonda ödəniləcək üzvlük haqqı ilə bağlıdır. Hər bir bank 10 min yeni Azərbaycan manatı məbləğində üzvlük haqqı ödəyərək fonda  üzv ola bilər. Təqvim haqları qorunan əmanətlərin illik 0,6 faizi, ikinci ildən 0,5 faizidir. Bu barədə də biz komissiyanın üzvləri ilə araşdırmalar aparmış, Milli Bankın və digər bankların rəhbərləri və mütəxəssisləri ilə fikir mübadiləsi etmişik. Dünyanın müxtəlif ölkələrində ilk illərdə müxtəlif rəqəmlər olur. Ancaq Azərbaycan üçün bu, məqbul sayılır. Əlavə haqlar fonddan borc götürülməsi halında əmanətlərin illik 0,8 faizi qədərdir. Fondun uzunmüddətli borc öhdəlikləri məsələsi burada öz əksini tapmışdır. Fondun sığorta ehtiyatları yaranmalıdır. Layihədə fondun sığorta haqlarının vaxtında və tam ödənilməməsinə görə bankların ödədiyi dəfinə pulları haqqında, qrantlar, ianələr və qadağan olunmamış sair vəsaitlər barədə də müddəalar vardır.
Sığorta ehtiyatlarından istifadə və sığorta ehtiyatlarının yerləşdirilməsi məsələsi ətraflı müzakirə edilmişdir. Yığılmış sığorta ehtiyatları dövlətin qiymətli kağızlarında, mərkəzi bankların qiymətli kağızlarında, mərkəzi banklarda və ya yüksək reytinqli  digər banklarda depozitlərdə, yüksək reytinqli fəaliyyət orqanlarında yerləşdirilə bilər.
Kompensasiya məbləği nə qədər ola bilər? Qanun layihəsində nəzərdə tutulur ki, kompensasiya məbləği 2008-ci ilədək 4 min, 2010-cu ilədək 6 min və 2010-cu ildən 8 min Azərbaycan manatından çox olmayan əmanətin 100 faizi həcmində olmalıdır. Bu rəqəmlər də təsadüfi müəyyən edilməmişdir. Milli Bank, Banklar Assosiasiyası və kommersiya banklarında olan depozitlərin strukturu təhlil edilmiş, qruplaşdırmalar aparılmışdır. Həmin qruplaşdırmalardan çıxan nəticələr bu rəqəmlər ətrafında fikir söyləməyə əsas verir. Məsələn, Rusiyada kompensasiya məbləği ilk illərdə 100 min rubl müəyyən edilmişdir ki, bu da təxminən 3500 dollar deməkdir. Azərbaycanda  2008-ci ilədək 4 min manat müəyyən edilməsi, təbii ki, ilk mərhələdə qəbul edilə bilər. Buna baxmayaraq, komissiyanın üzvləri bir daha Milli Banka və digər banklara tövsiyə etdilər ki, Azərbaycanda pul gəlirlərinin və banklara inamın artması ilə əlaqədar olaraq  banklarda olan əmanətlərlə bağlı yenidən bir qruplaşdırma aparsınlar. Hər halda dediyim məbləğ Azərbaycanın bugünkü iqtisadi inkişaf səviyyəsinə, MDB məkanında aparılan təhlillərdən çıxan nəticələrə uyğundur.
Kompensasiyanın verilməsi müddəti. Allah eləməsin, belə hadisə baş versin. Ancaq baş verərsə, belə hallar üçün ödəniş müddətləri müəyyən olunur. Kompensasiya ərizənin qəbulundan sonra ən geci 90 gün ərzində ödənilməlidir.
Biz bu qanun layihəsi üzərində işləyərkən digər ölkələrin müvafiq qanunlarını da araşdırmış, işçi qrup Milli Bank, Banklar Assosiasiyası və kommersiya bankları ilə birlikdə çox böyük iş aparmışdır. Bu, ilk mərhələdir, birinci oxunuşdur. Biz bu gün bu qanun layihəsinin konseptual əsasları barədə fikir söyləyirik. Bu qanun Azərbaycan iqtisadiyyatına, Azərbaycan cəmiyyətinə lazımdır. Bu qanun Azərbaycanda banklarda aparılan islahatların məntiqi nəticəsidir. Bu, Azərbaycanda aparılan iqtisadi islahatlarda risklərin azalmasına, sosial problemlərin  azalmasına yönəlmiş bir qanun layihəsidir. Bu qanunun hazırlanması prosesində qabaqcıl dünya təcrübəsindən,  Dünya Bankının bir neçə il bundan qabaq  bu sahədə yeni müstəqil dövlətlər və digər dövlətlər üçün hazırladığı tövsiyələrdən istifadə olunmuşdur.
Qanun layihəsinin müzakirəsi prosesində mənim bayaq adlarını çəkdiyim Azəriqazbank, Kapital Bank,  Beynəlxalq Bank, Standart Bank, Bank of Baku və digər banklar dəyərli təkliflər vermişlər. Mən hesab edirəm ki, bu qanunu bir az da təkmilləşdirmək üçün kifayət qədər vaxtımız var. 4 ay müddətində bu qanun üzərində araşdırmalar aparacağıq.  Milli Bankın hörmətli sədri Elman müəllimlə danışmışıq.  Bəlkə də Milli Bankla birlikdə xüsusi seminar keçirəcəyik. Biz  komissiyanın tərkibində işçi qrupu yaratmışıq. Komissiyanın üzvləri bütün bankların rəyini öyrənəcək və bu layihə üzərində işi davam etdirərkən onların ümumi rəyini nəzərə alacaqlar.
Bilirsiniz, bu qanun layihəsi ilə əlaqədar bəzi suallar ortaya çıxır. Məsələn, deyək ki, Beynəlxalq Bank, Kapital Bank, Azəriqazbank güclü banklardır. Əmanətlərin Sığortalanması Fonduna, yəqin ki, bu gün lisenziyası olan, lakin hələ də bazarda tanınmayan, sayılmayan banklar da daxil olacaqlar. Bu zaman arzuolunmaz hallar da ola bilər. Yəni zəif, reytinqi o qədər yüksək olmayan banklar faiz dərəcələrini artırmaqla əmanətçiləri öz tərəfinə çəkə bilər. Milli Bankın sədri Elman müəllim də, mən də o fikirdəyik ki, hər halda belə hallara qarşı bu qanunda müəyyən sərt maddələrin nəzərdə tutulmasına ehtiyac olacaq.
Mən şübhə etmirəm ki, biz birgə müzakirələr nəticəsində bütün mübahisəli məsələlərin həllinə, ümumiyyətlə, banklar arasında konsensusun yaranmasına nail olacağıq. Əminəm ki, biz Milli Məclisin payız sessiyasında Azərbaycan cəmiyyəti üçün son dərəcə vacib olan bu qanun layihəsinin ikinci oxunuşunu keçirəcək və sonrakı mərhələdə onun qəbuluna nail olacağıq. Çox sağ olun, diqqətinizə görə təşəkkür edirəm. 
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Valeh müəllim, hörmətli deputat  həmkarlarım! Fasilədir, bizim iki məsələmiz qalıb. Mən hesab edirəm ki, deputat həmkarlarım razılaşarlar, bir saat, saat yarım  da işləyək. İkincisi, mən xahiş  edərdim ki, qanunun predmeti üzrə, yəni birinci oxunuş üzrə fikirlərimizi deyək, konseptual baxımdan bu qanun bizə lazımdır, ya yox? Mən hesab edirəm ki, bu çox lazımlı bir qanundur.
Sədrlik edən. Çox sağ olun. Mən də təklif eləmək istəyirdim ki,  işimizi fasiləsiz davam eləyək. 
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah müəllim, kim hara tələsir? Bu dəqiqə sorğu keçirsəm, 125 cavab olacaq. Təklif var ki, işimizi fasiləsiz davam etdirək. Əgər ehtiyac varsa, bu məsələni səsvermə yolu ilə həll eləyək. Səs veririkmi? Kim razıdır, xahiş edirəm, səs versin.

Səsvermənin nəticələri   (saat 14.05 dəq.)
Lehinə    81
Əleyhinə                6
Bitərəf      0
Səs vermədi      2
İştirak edir               89
Nəticə: qəbul edildi

Qəbul edildi, işimizi fasiləsiz davam etdiririk. Xahiş edirəm, çıxışlar zamanı bu qanun layihəsinin birinci oxunuşda olduğunu nəzərə alasınız, qanuna münasibətinizi konseptual şəkildə bildirəsiniz. Deputat Əhmədov.
V. Əhmədov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Ziyad müəllim öz çıxışında qeyd elədi, bu qanun komissiyada geniş müzakirə olunub. Ümumiyyətlə, bu, çox vacib bir qanundur. Təəssüf ki, gecikib. Çünki əmanətlərin sığortalanması olduqca vacib bir məsələdir.
Mən qeyd etmək istəyirəm ki, bu qanunun qəbul olunması bank sistemində rəqabətin güclənməsinə gətirib çıxaracaq. Bayaq Ziyad müəllimin qeyd elədiyi kimi, ola bilsin ki, xırda banklar  bu qanun layihəsinin bir sıra maddələrində göstərilən rəqabətə tab gətirməsin, sıradan çıxsın. Bu məsələlər geniş müzakirə olunur.
Bank rəhbərlərinin qaldırdığı əsas məsələ uçot dərəcəsinin iki misli ilə əlaqədardır. Bu çox ciddi məsələdir. Hazırda  Milli Bankda uçot dərəcəsi 9 faizdir. Bunun 2 misli 18 faiz eləyir. Yəni 18 faizdən yuxarı olan dərəcə ilə əlaqədar əmanətlər faktiki olaraq bir sıra bankların ya birləşməsinə, ya da onların müflis olmasına gətirib çıxara bilər. Biz bir əmanətçi və iqtisadçı kimi hesab edirik və Elman müəllim də bu fikirdədir ki, burada uçot dərəcəsi düzgün müəyyənləşdirilib və banklar indidən bu məsələ ilə əlaqədar öz fəaliyyətləri barədə fikirləşməlidirlər.
Əsas məsələlərdən biri də bankın Himayəçilik Şurası ilə əlaqədardır. Burada  göstərilir ki, Himayəçilik Şurasında Milli Bankdan 3 nəfər, icra hakimiyyəti tərəfindən 2 nəfər, banklar tərəfindən 2 nəfər, yəni faktiki olaraq  Milli Bank tərəfindən 5 nəfər təmsil olunur. Biz elə hesab edirik ki, bu məsələyə bankların assosiasiyasında bir də baxılmalıdır. Himayəçilik Şurasında müəyyən dəyişiklikləri etməyə ehtiyac var.
Bayaq qeyd olundu ki, bu qanun artıq 90 ölkədə qəbul olunub. Qeyd edim ki, onlardan 20-yə qədəri yaxın vaxtlarda qəbul olunub. Bu qanun konseptual cəhətdən vacib qanundur. Amma maddələrdə dəyişikliklər edəcəyik. Burada qeyd olundu, komissiyanın sədri də qeyd etdi, kompensasiya məbləği ilə əlaqədar  müəyyən mübahisələr var. Amma Milli Bankın prezidenti Elman müəllim qeyd elədi ki, hazırda  əmanətlərin 70 faizə qədərinin məbləği təxminən 4000-dən aşağıdır.  Burada biz bunu qəbul etdik. Kompensasiya almaq hüququ ilə əlaqədar müəyyən iradlarımız var. Burada müddət 5 il göstərilir. Bu, olduqca uzun müddətdir.  Həm də  ödəniş hüququ 90 gün göstərilir, yəni 3 ay. Biz hesab edirik ki, bu çox böyük müddətdir, müddətə bir də baxmaq lazımdır.
Biz komissiyanın iclasında qeyd elədik ki, qiymətli metallar məsələsi də qanuna salınmalıdır, yəni ödəniş pulla da qoyula bilər, başqa cür də. Qiymətli metallar da banklara qoyulur və əmanət sayılır.
Qabaqda vaxt çoxdur. Bu qanun layihəsi yenə  banklarla birgə geniş müzakirə olunacaq. Mən hesab edirəm ki, konseptual cəhətdən bu qanun layihəsini qəbul etmək olar. Amma payız sessiyasında bu qanun layihəsinə ikinci oxunuşda əlavələr edəcəyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Vahid müəllim. Deputat Məsimli.
Ə. Məsimli. Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Təqdim olunan qanun layihəsi Azərbaycan üçün xüsusi əhəmiyyət kəsb edir. Ona görə ki, yaxın tariximizdə biz Vahidbank, Mərhəmətbank və sair banklar vasitəsi ilə Azərbaycan vətəndaşlarının çoxmilyonlu sərvətinin necə dağılmasının şahidi olmuşuq. Neçə illərdir, biz batmış əmanətləri qaytara bilmirik. Artıq bu istiqamətdə qanun layihəsi hazırdır. 2006-cı ilin büdcəsində vəsait var, amma yenə də bu proses uzanır. Yeri gəlmişkən qeyd eləyim ki,  Azərbaycanın bütün guşələrindən bizə çoxlu məktublar gəlir və bu məktubların yarısına qədəri məhz batmış əmanətlərin qaytarılmasına dair qanunun vaxtında qəbul edilməsi, əhalinin vəsaitlərinin qaytarılmasının sürətləndirilməsi məsələləridir. Buna diqqət eləmək lazımdır.
Təqdim olunan qanun bir neçə cəhətdən çox vacibdir. Birinci, konsepsiyası düzgün qurulub. Əgər bu qanun qəbul olunsa, bayaq  xatırlatdığım hadisələr kontekstində Azərbaycanın bank sisteminə  münasibət yaxşıya doğru dəyişəcək. Bu gün Azərbaycan banklarında yuvarlaq götürsək, haradasa aşağı-yuxarı 500 milyon yeni Azərbaycan manatına yaxın vəsait var. Əgər bu qanun komissiyalarda müzakirələr zamanı qaldırılan məsələlər nəzərə alınmaqla cilalanmış şəkildə, işlək bir mexanizmi olan qanun kimi qəbul edilsə, mən güman edirəm ki, - bir sıra hesablamalar da bunu təsdiq edir, - yaxın illərdə banklara yenə 500 milyon yeni Azərbaycan manatına qədər əlavə vəsaitin cəlb olunmasına kömək edər. Bu çox ciddi məsələdir. Məhz bank mexanizmi vasitəsi ilə Azərbaycanda yığıma həvəsi artırmaq, eyni zamanda, investisiya fəallığını artırmaq olar. Çünki bu gün bizim əmanətlər ümumi daxili məhsulumuzun təxminən 4 faizi və qoyduğumuz investisiyaların  8 faizi qədərdir.
Bilirsiniz ki, bütün dünyada iqtisadiyyatın, mədəniyyətin, elmin inkişafında, bütün sahələrin inkişafında məhz  əhalinin əmanətləri etibarlı bir mənbə kimi çıxış edir. Bu nöqteyi-nəzərdən bu qanunun qəbul edilməsi, hesab edirəm ki, çox vacibdir.
Növbəti məsələ. İndi deyəcəyim məsələ barədə hələlik qanunumuz yoxdur. Bu, maraqların toqquşması məsələsidir. Maraqların toqquşması kontekstində harmoniyaya nail olmaq. Bu, məcburi sığortadır. Təbii ki, ikipilləli bank sistemində kommersiya bankları buna ürəklə getmir. Əlbəttə ki, 10 min yeni Azərbaycan manatı ilk ödənişdir, ondan sonra da ödənişlər ödəyəcək. Başqa məqam da var ki, bir bankın hansısa uğursuzluğuna başqa banklar da cavabdehlik daşıyır. Bu layihədə belə maddələr var ki,  əgər vəsait çatmasa, həmin yaranacaq fondun alacağı əlavə vəsaitlərə dövlət, Milli Bank məsuliyyət daşımır, bankın da, dövlətin də hansısa öhdəliklərinə görə bu fond məsuliyyət daşımır. Bu, dünya praktikasında qəbul olunan məsələdir. Amma haradasa burada bir çıxış yolu tapmaq lazımdır  ki, ilkin mərhələdə əgər vəsait çatışmırsa, dövlət bunu himayə eləməlidir. Ona görə ki, bu çox mütərəqqi bir qanundur, ilkin mərhələdə vacib olan qanundur.
Burada bayaq Vahid müəllim dedi, mən təkrar eləmək istəmirəm, Himayəçilik Şurasının tərkibində pulu ödəyənlərə cəmi iki yerin verilməsi, hesab edirəm ki, azdır. Bunu da nəzərə almaq lazımdır.
Sonra, müddət qoyulub ki, 90 gün müddətinə verilə bilər, ikinci dəfə bir də 90 günə alına bilər. Gəlin açıq danışaq,  əgər bu problem 90 günə həll olunmayıbsa, ona əlavə 30 gün lazımdır. Niyə bir də 90 gün olsun? Ona görə ikinci 90 yox, bir də 30 gün olar.
Sonda onu da qeyd edim ki, bu qanunun qüvvəyə minməsi məsələsində standart qanunlarda qəbul olunmuş pozisiyadan  bir az kənarlaşma var. Yəni orada yazılmış formada Prezidentin səlahiyyətləri hansısa icra orqanları tərəfindən mənimsənilir.  Qanun ya imzalandığı gündən qüvvəyə minir, ya da ki... Burada göstərilir ki, bu qanun 2007-ci ildən qüvvəyə minir. Amma orada elə yazılır ki, biz qanun qəbul eləyəcəyik, əlaqədar orqanlar nə vaxt istəsə, onu qüvvəyə mindirəcək. Bu cür məqamları aradan qaldırmaqla ortaya mükəmməl bir qanun çıxaraq. Mən bu qanunun qəbul olunmasının tərəfdarıyam. Arzu edərdim ki, yay aylarında yaxşı müzakirə olunsun, payızda bunu qəbul eləyək, tez işləməyə başlasın. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Deputat Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! 4 fəsil, 32 maddədən ibarət olan bu qanun layihəsi çox əhəmiyyətli qanun layihəsidir. Çox təəssüf ki, bu bir qədər gecikib. Ancaq indiki müzakirələrdən və məruzəçinin məruzəsindən aydın oldu ki, gecikmiş olsa belə, bunun çox tezliklə qəbul olunması lazımlıdır, əhəmiyyətlidir. Müzakirəsinə qoşulduğumuz Əmanətlərin sığortalanması haqqında Azərbaycan  Respublikası qanununun layihəsi həm də ona görə maraq kəsb edir ki, seçicilərimiz dəfələrlə bizə müraciət edərək sovetlər dövründə əmanət kassalarına qoyulmuş əmanətlərin taleyi ilə maraqlanırlar. Həmin adamları başa düşmək olar. Müxtəlif vaxtlarda müxtəlif məmurlar, o cümlədən həmkarlarımız, deputatlardan bəziləri həmin adamlara ümid verən bəyanatlarla çıxış etmişlər. Fürsətdən istifadə edərək, bu məsələnin tezliklə həll olunmasının lazım olduğunu bir daha diqqətinizə çatdırıram. Sovetlər birliyi dağıldı, ona görə əmanətlərin taleyi belə oldu. Bu, əslinə baxsan, sığortalanmalı idi ki, belə olmasın. Lakin bu, ikitərəfli oldu. Həm birlik dağıldı, həm də o dövrdən belə sığortalanma olmamışdı. Bunlar bizim üçün bir dərs olmalıdır. Bu gün Əmanətlərin sığortalanması haqqında bu qanun layihəsinin aktuallığını xüsusi vurğulamaq istərdim.
İlkin olaraq I fəsildəki 1-ci maddə haqqında. Həmin maddədə əmanətlərin icbari sığortalanması sisteminin məqsədi belə şərh olunur: “Əmanətlərin kollektiv icbari sığortalanması sisteminin yaradılması bankların və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətlərini itirdiyi zaman onlarda olan fiziki şəxslərə məxsus pul vəsaitinin mümkün itkisinin qarşısını almaq, maliyyə sisteminin təhlükəsizliyini və bank sisteminin inkişafını təmin etmək məqsədi daşıyır.” Burada əgər əmanətlərin kollektiv icbari sığortalanmasından söhbət gedirsə, niyə ancaq “fiziki şəxslər” ifadəsi vurğulanır, ola bilməzmi ki, hansısa hüquqi şəxs də müəyyən faizlərlə gəlir müqabilində adı çəkilən banklarda əmanət saxlasın? Belə fikrə düşmüş hüquqi şəxsləri nəyə görə  bəri başdan ayrı-seçkiliyə məruz qoymalıyıq? Ona görə həmin maddənin belə redaksiyada yazılmasını təklif edirəm: “Əmanətlərin kollektiv icbari sığortalanması sisteminin yaradılması bankların və xarici bankların yerli filiallarının ödəmə qabiliyyətini itirdiyi zaman onlarda olan fiziki və hüquqi şəxslərə məxsus pul vəsaitinin mümkün itkisinin qarşısını almaq, maliyyə sisteminin təhlükəsizliyinin dayanıqlılığını və bank sisteminin inkişafını təmin etmək məqsədi daşıyır”.
6-cı maddədə Fondun Himayəçilik Şurasının səlahiyyət müddəti ilə bağlı konkretlik yoxdur. 6-cı maddənin 6-cı bəndində yazılır: ”Himayəçilik Şurası üzvlərinin səlahiyyət müddəti 5 ildir və onlar təkrar müddətə təyin edilə bilərlər.” Mən təklif edərdim ki, təkrar müddətin həddi müəyyən olunsun. Bütün qanunlarda belədir. Məsələn, deyilir, 5 ildən sonra yenə də seçilə bilərlər. Niyə, nəyə görə, hansı şərtlərlə, bu, qanunda öz əksini tapmayıb. Belə çıxır ki, 5 il də, ondan çox da seçilə bilərlər. 
8-ci maddədə Fondun Himayəçilik Şurasının səlahiyyətləri sadalanır. Həmin səlahiyyətlərə  icraçı direktorun və onun müavinlərinin səlahiyyətləri daxil edilmir. Buna görə də 8.1.15 belə redaksiyada təklif olunur: ”Fondun icraçı direktoru onun müavinlərini təyin edir və onlar fondun digər əməkdaşları ilə bağlı şikayətlərə baxırlar”.
Qanun layihəsinin 10-cu maddəsinin 2-ci bəndi fondun icraçı direktorunun səlahiyyətlərinə hansı hallarda xitam verilə biləcəyini göstərir. Həmin maddənin 2-ci bəndinin  ikinci hissəsində yazılır: ”Öz funksiyalarını icra edə bilmədikdə və ya lazımınca icra etmədikdə”. Burada fikir konkretliyi yoxdur. Ona görə də 10.2.2-də belə redaksiyanı təklif edirəm: ”Öz funksiyalarını icra edə bilmədikdə”. İkinci hissə nəyə lazımdır ki?
Qanun layihəsinin 22-ci maddəsi fond ilə iştirakçı bankların qarşılıqlı münasibətini aydınlaşdırır. Həmin maddənin 4-cü bəndində yazılır: ”Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda, Fond 2 iş günündən gec olmayaraq kütləvi informasiya vasitələrində bu barədə elan verir, həmin banka və Milli Banka bildiriş göndərir.” Burada “kütləvi informasiya vasitələri” anlayışı ilə bağlı konkretlik çatışmır. Yəni “kütləvi informasiya vasitələrində məlumat verir” dedikdə, elə qəzetlər var ki, 300-500 nüsxə ilə çap olunur. Ayda bir, iki dəfə çıxır. Burada kütləvilik olmasa da, adi kütləvi informasiya vasitəsidir. Ona görə də mən bu maddənin belə yazılmasını təklif edirəm: “Bank Fondun iştirakçıları sırasından çıxarıldıqda Fond 2 iş günündən gec olmayaraq rəsmi qəzetlərdə və elektron kütləvi informasiya vasitələrində bu barədə elan verir, həmin banka və Milli Banka bildiriş göndərir”.
Sədrlik edən. Nizami müəllim, çox üzr istəyirəm, 7 dəqiqə 16 saniyədir, sizi dinləyirik. Yadınıza salmaq istəyirəm ki, konseptual müzakirədir, qalan deputatlardan da xahiş edirəm, çıxış eləyəndə yadımızda saxlayaq ki, bu gün biz birinci oxunuşda konseptual müzakirə aparırıq. İkinci oxunuşda maddələr üzrə, cümlələr üzrə müzakirələr olacaq. Davam eləyin.
N. Xudiyev. Mən danışıb qurtarandan sonra deyirsiniz. Mən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Əvvəla, bu sığortalanma çox mühüm bir məsələdir.  İndi əhali əmanət banklarına əmanət qoymaqdan qorxur, çünki başına gələn başmaqçı olar. Burada da dedilər, Vahidbank, Mərhəmətbank yaxşı yadımızdadır. Hələ nə qədər də başqa banklar var idi, onlar gizli surətdə nələr elədilər, Allah bilir. Onların həbs olunanları da oldu, həbsdən çıxıb indi də sədrlik eləyənlər var. Ancaq məsələ burasındadır ki, - məruzəçi də dedi, - dünyanın 90 ölkəsində bu, qəbul olunub. Amerika Birləşmiş Ştatlarında bu qanun 70 ildən artıqdır ki, qəbul olunub və o biri dövlətlər də bu qanunu qəbul edəcəklər. Bir sözlə, mən bu qanunun əhəmiyyətini çox yüksək qiymətləndirirəm.
Burada deyirlər ki, konseptual olsun, birinci oxunuşdur, məruzəçinin ağzından nə eşitdinsə, sən də  özün istədiyin şeyi danış, de. Bu qanunu oxuyub, düşünülmüş təkliflər verib, bu qanun layihəsini hazırlayana faktiki olaraq kömək eləmək lazımdır. Yoxsa ümumi şəkildə danışaq, ümumi istiqamətdə deyək, bunlar bizə səmərə verməz. Bu, birinci müzakirədir. Bu qanun layihə şəklindədir. Birinci müzakirədən keçirilməsini və ona səs verilməsini təklif edirəm. Lakin ikinci və üçüncü oxunuşlarda bu qanunun  bəlkə də o biri qanunlardan daha mükəmməl işlənməsini təklif edirəm. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Fazil Mustafayev.
F.Mustafayev.  Sağ olun. Hörmətli sədarət, millət vəkilləri! Mən qısa münasibət bildirəcəyəm. Hesab edirəm ki, bu çox zəruri qanun layihəsidir və vətəndaşların hüquqlarının qorunması baxımından, Azərbaycanda banklara etimadın artması baxımından olduqca faydalıdır.
Burada bir neçə məqama  diqqətinizi yönəltmək istəyirəm. “Çirkli pulların yuyulması ilə bağlı qanunvericiliyə müvafiq qaydada müəyyən edilmiş şübhəli əməliyyatlar nəticəsində yaranmış əmanətlər” anlayışı, məncə, artıqdır. Burada “məhkəmə qərarı ilə təsdiq edilmiş cinayətkar fəaliyyət nəticəsində yaranmış əmanətlər” anlayışı varsa, əlavə olaraq bunun da salınması, istənilən əmanətə çirkli pul adının verilməsinə imkan yarada bilər. Hər halda buna diqqət yetirmək lazımdır.
Bir də fondun idarə edilməsi ilə bağlı bir məqama  diqqətinizi yönəltmək istəyirəm. Daha çox nəzarətçi funksiyasını yerinə yetirməyə yönəlmiş Himayəçilik Şurasının tərkibində, məncə Milli Bankın bir nümayəndəsi, yaxud da müvafiq icra hakimiyyətinin bir nümayəndəsi kifayət eləyər. 5 nümayəndənin də qalan banklardan təşkil olunması vacibdir. Burada eyni vaxtda həm üzvlərin, həm də üzvlərin əvəzedicilərinin seçilməsi dəqiqləşdirilməlidir. Milli Bankın təşəbbüsü ilə çağırılan iclasda iştirakçı bankların təqdim elədiyi 2 nümayəndə ilə yanaşı, 2 əvəzedicinin də seçilməyi məqsədəuyğun olardı. Bir də  nümayəndələrin iş stajı bir az  anlaşılmır. Burada ya maliyyə, ya da bank sistemində çalışmış şəxslərdən söhbət gedə bilər.
Fondun icraçı direktorunun təyin olunması məsələsinə də ciddi yanaşılmalı, dəqiqləşdirilməlidir ki, o hansı formada seçilir. Burada təyinolmadan söhbət gedir. O, Himayəçilər Şurası tərəfindən təyin edilir. Dəqiqləşdirilməlidir ki,  Himayəçilər Şurasında səs çoxluğu ilə vəzifəyə təyin edilir.
Qaldı ki, mən də hesab edirəm, bu, lazımi qanundur və vətəndaşların marağına hər halda kifayət qədər xidmət edəcəkdir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Deputat Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, Valeh müəllim. Hörmətli millət vəkilləri! Mən də vaxtınızı çox almayacağam. Məndən öncə çıxış eləyən həmkarlarım məni narahat eləyən bir çox məqamlara aydınlıq gətirdilər. Mən də qanun layihəsini yüksək qiymətləndirir və hesab edirəm ki, o, ölkənin iqtisadiyyatının qan-damar hissəsi hesab olunan maliyyə bank sisteminin xeyli fəallaşmasına xidmət edəcəkdir.
Lakin mən də  bir neçə məqamı qeyd eləmək istəyirəm. Qanun layihəsində qorunan əmanətçi anlayışına izah veriləndə çox haqlı olaraq bank sistemində işləyən insanların özləri və qohumları burada nəzərə alınmır. Amma iştirakçı bankların personalı nəzərə alınmadığı halda fondun özünün personalı haqqında heç bir qeyd olunmayıb. Mənə elə gəlir ki, fondun özünün personalı az maraqlı deyildir. Mən hesab edirəm ki, yaranacaq fondun özünün personalı da burada nəzərə alınmalıdır.
Sonra, iştirakçı bank haqqında. Mən hesab edirəm ki, burada ümumi maliyyə qurumu anlayışından istifadə etmək yerinə düşərdi. Yəqin ki, Elman müəllim mənimlə razılaşar. Düzdür, burada, əsasən, əmanət götürən qurumlardan söhbət gedir. Amma artıq bizim ölkədə də yaranmaqda olan kredit ittifaqlarına gələcəkdə əmanət götürmək lisenziyasının veriləcəyi aydındır. Ona görə gələcəkdə bu qanun layihəsinə dəyişiklik olmasın deyə, mənə elə gəlir ki, burada iştirakçı bank əvəzinə maliyyə qurumunu, yəni gələcəkdə hətta əmanət götürəcək qurumları da nəzərə almaq daha yaxşı olardı.
Həmkarım Əli müəllimin o fikri ilə tam razıyam ki, ilkin mərhələdə yeni yaranacaq fondun məsuliyyətini daşıyan bir dövlət qurumunun olması çox vacibdir. Məncə, bu qurum Milli Bank olmalıdır. Nəzərə alın ki, yeni yaranacaq bu fondun formalaşması tamamilə  Milli Bankın nəzarəti altında həyata keçirilir. Ona görə də ilkin mərhələdə hər halda bu fondun əmanətçilər arasında nüfuzunun formalaşması nöqteyi-nəzərindən bunu çox vacib hesab edirəm.
Əlbəttə, qanun layihəsi çox aktualdır və bəlkə də bir az gecikmişdir. Mən də onu konseptual baxımdan layiqli hesab edirəm və  həmkarlarımı onun qəbul olunmasına səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn. Pənah bəy, buyurun.
P. Hüseyn. Mən də çalışacağam, çox qısa danışım. Məni narahat edən odur ki, hörmətli deputat həmkarlarım arasında bank işi üzrə kifayət qədər təcrübəli mütəxəssislər olsa da, onların rəyini eşidə bilmədik. 
Sovet dövründən icbari sığorta  ilə bağlı bir təcrübə var. İcbari sığortada sığorta olunanların mənafeyini qorumaq, adətən, çox çətin olur. Avtomobil və yaxud başqa bu cür əmlakın icbari sığortası ilə bağlı olan  problemlər hamıya məlumdur. Mən də ehtiyat edirəm ki, bu da elə daha çox o fondun rəhbərliyinin, əməkdaşlarının və yaxud onunla bağlı olan şəxslərin mənafeyinə xidmət etsin. Əleyhinə də çıxan yoxdur. Yəqin, bunlara deyən olmayıb ki, bu bir məsul qanundur. Hər halda bizim hörmətli komissiya sədrinin, bizim  digər iqtisadçıların gərək rəyini nəzərə alaq və bu məsələ barədə onlara istinad eləyərək fikir yürüdək.
Mən bu qanunun adına da diqqəti cəlb eləmək istəyirəm. Bayaq  bəzi qanunvericilik aktlarına əlavə və düzəlişlər edilməsi ilə bağlı bəzi əlavələr və dəyişikliklər edilməsi haqqında bir qanun qəbul elədik. Çox əndirabadi bir ad idi. Hələ onun özünə də yeni düzəlişlər, əlavələr olunanda, yəqin ki, bu daha qəribə, daha dolaşıq olacaq. Mən hesab edirəm, hər halda qadağan olunmur ki, əmlakın bir növü kimi bu  əmanətlər başqa sığorta şirkətləri tərəfindən  sığorta olunsunlar. Ona görə də yaxşı olar, bu qanunun adını biz “Əmanətlərin məcburi kollektiv sığortalanması haqqında” qoyaq ki, digər sığortalanmalarla hansısa bir qarışıqlıq yaranmasın.
Əmanət deyəndə dərhal bizim yadımıza burada xatırlanan batmış əmanətlər düşür. Düzdür, Konstitusiya bizə icra hakimiyyəti orqanlarına məcburi qaydada hansısa bir göstəriş vermək səlahiyyəti verməyib. Amma sözün açığı, mənə, məsələn, bizim seçicilərdən xeylisi deyib ki, həmin o batmış əmanətlər bu il də qaytarılmağa başlanmasa, artıq onlar bizim bəzi vətəndaşlarımız kimi həmin əmanətləri gəlib burada, Milli Məclisin qapısı ağzında bizdən tələb eləməyə başlayacaqlar. Ona görə də düşünək, görək ki, bu 4 ayda  hörmətli icra hakimiyyətini hansı bir yolla razı sala bilərik. Lazım olsa, bütün vasitələrdən,  o  cümlədən çox az olan səlahiyyət və hüquqlarımızdan istifadə eləyərək vətəndaşlarımızın bu əmanətlərinin qaytarılmasına nail olmalıyıq. O əmanətçilərin bir çoxu ölüb gedib və çoxlarının ölüb getməsində elə batmış əmanətlərin dərdi böyük rol oynayıb. Bir çoxları da pis vəziyyətdə, çox sürətlə bu dünyanı tərk eləməkdədir. Heç olmasa, indi onların əmanətlərinin qaytarılması çox savab bir iş olar. Hər halda bu borca görə dövlət məsuliyyət daşıyır. Biz də pis-yaxşı, bu dövlət orqanlarından birinin nümayəndəsiyik. Mənə elə gəlir ki, bu məsuliyyəti biz də daşıyırıq və öz məsuliyyətimizə uyğun olaraq nə isə eləməyə çalışmalıyıq. Sağ olun.
Sədrlik edən. Bitirdinizmi, Pənah bəy? Çox sağ olun. Xanhüseyn Kazımlı.  Buyurun, Xanhüseyn müəllim.     
X. Kazımlı. Çox sağ olun, təşəkkür edirəm. Məndən əvvəl çıxış edən natiqlər bu qanunun əhəmiyyəti, zəruriliyi, məqsəd və vəzifələri barədə çox gözəl fikir söylədilər. Konstitusiyamıza, Daxili Nizamnaməmizə görə birinci oxunuşda konseptual baxımdan qəti fikirlərimizi deməliyik. Ona görə də vaxtınızı çox almayacağam.
Bu qanun komissiyada çox geniş müzakirə olundu. Düzdür, komissiyalarda bütün qanunlar  geniş, hərtərəfli müzakirə olunur. Amma bu qanuna detalları ilə, nöqtəbənöqtə baxıldı. Nə üçün? Ona görə ki, birincisi, çox zəruri qanundur və hamını maraqlandırır. İkincisi, bizim komissiyada yüksək ixtisaslı mütəxəssislərin olması da bu müzakirəyə müsbət təsir göstərirdi. Digər tərəfdən, qanunun təqdimatı çox yaxşı oldu - əyanı vasitələrlə, cədvəllərlə, izahatı ilə, bölmə-bölmə. Ortaya çıxan sualların hamısı o təqdimatda öz cavabını tapırdı. Digər səbəb də o idi ki, hörmətli Elman müəllim bu müzakirədə yaxından iştirak edir, sualları cavablandırır, bəzi məsələlərin izahını özü verirdi. Bu da bizim müzakirənin yaxşı keçməsinə və bir çox suallara aydınlıq gətirilməsinə şərait yaradırdı.
Mən hesab edirəm ki, bu qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə tamamilə cavab verir. Ona görə də hörmətli millət vəkillərini  konseptual baxımdan bu qanunu birinci oxunuşda qəbul etməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Deputat Qurbanlı, buyurun.
M. Qurbanlı. Təşəkkür edirəm. Mən qısa bir neçə fikir söyləmək istəyirəm. Əvvəla, onu deyim ki, Azərbaycanda maliyyə-bank sistemində çox ciddi irəliləyiş vardır. Bunu etiraf eləmək lazımdır. Uzun müddətdir ki, Azərbaycanda banklarda olan əmanətlərin sığortası ilə bağlı söhbətlər gedirdi. Xatırlayıram ki, Məclisdə büdcə müzakirə olunanda da bununla bağlı fikirlər səsləndirilmişdi. Xüsusi ilə nağdsız hesablaşma ilə bağlı təkliflər var idi. Bu gün də irəliləyişlər çoxdur. Hesab edirəm ki, Əmanətlərin sığortası haqqında qanun bu sahədə ilkin addım olacaq. Bu yalnız ilkin addım ola bilər.
Dünyanın hər yerində insanlar öz əmanətlərini banklara yerləşdirəndə tam əmindirlər ki, həmin əmanətlərin başına bir faciə gəlməyəcək. Bir sıra ölkələrdə bankların iflası ilə bağlı xüsusi qanunlar var. Eyni zamanda, dövlətin bu işə müdaxiləsi var. Mən əminəm ki, gələcəkdə Azərbaycan dövlətinin imkanları artdıqca bank sistemində elə bir qayda yaranacaq ki, xaricilər gəlib bizim banklara pul qoyacaq, bizimkilər aparıb xarici banklara qoymayacaq.
Yeri gəlmişkən bir məsələni də qeyd edim. Bizdə hazırda özəl banklar fəaliyyət göstərirlər. Milli Bank bizdə bankların təmərküzləşdirilməsi ilə bağlı  müəyyən addımlar atıb. Amma burada qəribə proses gedir. Bir bank daha yüksək faiz təklif edir, başqaları ondan aşağı faiz təklif edir. Bütün bunlar  bank rəqabətində çox ciddi anlaşılmazlıq yaradır. İstərdim, bu məsələlər də aydınlaşdırılsın və bunu da müəyyən qanunlar  tənzimləsin.
Bu qanunda yalnız və yalnız fiziki şəxslərin əmanətindən söhbət gedir. Biz bilirik ki, ən çox vəsait hüquqi şəxslərin əlində cəmləşib. Bu gün Azərbaycanda çox ciddi şirkətlər fəaliyyət göstərirlər və onların da vəsaitləri vardır. Onlar ola bilsin ki, bu vəsaitləri əmanət şəklində yerləşdirmək istəsinlər. Mən hesab edirəm ki, növbəti mərhələlərdə qanunlar qəbul edilərkən bunlar da nəzərə alınmalıdır.
Doğrudur, bu, birinci oxunuşdur. Biz maddələr üzrə fikirlərimizi ikinci oxunuşda deyəcəyik. Amma diqqətimi bir maddə cəlb elədi. 28-ci maddədə əmanətin geri alınması ilə bağlı müddəa var. Burada deyilir ki, əmanət 90 gün müddətində qaytarıla bilər. İstisna hal kimi göstərilir ki, Fond ödəniş müddətini təkrarən 90 gün uzada bilər. Amma orada yazılmır ki, bundan sonra bir də uzada bilər, ya uzada bilməz. Qanun təqdim olunarkən mən xahiş elədim ki, bunu konkretləşdirsinlər. Çünki bu hansısa formada sui-istifadəyə gətirib  çıxara bilər.
Mən hesab edirəm ki, bu qanun Azərbaycanın iqtisadiyyatı üçün, banklara etimadın artırılması üçün, ümumiyyətlə, Azərbaycanda maliyyə-kredit sistemində çox ciddi irəliləyişlər üçün əhəmiyyətli qanundur. Mən hamını bu qanuna səs verməyə çağırıram və özüm də ona səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Mübariz müəllim. Çingiz Əsədullayev.
Ç. Əsədullayev. Hörmətli Valeh müəllim, hörmətli millət vəkilləri! Mən də bəzi qeydlərimi burada səsləndirmək istərdim. İlk öncə istərdim, bir məsələyə münasibətimi bildirim. Birincisi, Vahidbank, Mərhəmətbank, Aleksbank kimi maliyyə piramidaları heç də bank deyildilər və onların  lisenziyaları da yox idi. Mən bank sisteminin müdafiəsinə qalxıb demək istərdim ki, bank sisteminin adını kriminal, piramida strukturlara  bağlamaq heç də düz deyil. Neçə illərdir, bank sistemi və özəl banklar öz imicini yaxşılaşdırır, fəaliyyətlərini gücləndirir, bu gün əhaliyə vicdanla xidmət edirlər.
Bu gün biz çox vacib məsələni müzakirə edirik. Yadınızdadırsa, iki il bundan qabaq müzakirəyə çıxarılan bir qanunda əmanətlərin sığortalanması haqqında ayrıca fəsil var idi və Milli Bank tərəfindən xahiş olundu ki, vacibliyi nəzərə alınaraq bu fəsil ayrı bir qanun kimi işlənib təqdim olunsun.  Mən çox danışmaq istəməzdim, ona görə ki, şənbə günü - ayın 23-də bütün deputatlara imkan yaradılmışdı ki, komissiyada çıxışlarını eləsinlər. Bu gün mən fikir verdim, Ziyad müəllim çıxışında orada səslənən bütün məsələləri işıqlandırdı.
Mən öz tərəfimdən, bankir kimi bütün millət vəkillərini bu qanuna səs verməyə çağırıram. Eyni zamanda, qeyd eləmək istəyirəm ki, bu, birinci oxunuşdur. Qabaqda yay var və biz komissiyalarda bu qanunu müzakirə edəcəyik. Bu qanun vacib bir qanundur. Mən bütün millət vəkillərini bu komissiyalarda iştirak eləməyə və payız sessiyasında bu qanunu təsdiq etməyə çağırıram.  Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dəvət elədiyimiz Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri hörmətli Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin üzvü Rüfət Aslanlı və Milli Bankın Hüquq departamentinin rəisi Rəna Məlikova buradadırlar. Bəzi sual və təklifləriniz oldu. Mən Elman müəllimdən xahiş edirəm, öz fikirlərini bildirsin. Ondan sonra səsə qoyarıq. Elman müəllim, buyurun.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Çox sağ olun. Hörmətli sədarət, hörmətli millət vəkilləri! İlk növbədə qanunun konseptual müzakirəsinin gedişində söylənilən dəyərli fikirlərə görə millət vəkillərinə öz minnətdarlığımı bildirmək istəyirəm. Biz onların hamısını qeyd etmişik. 4 aya yaxın vaxtımız olacaq və stenoqram da olacaq. Bütün bu məsələlər, həm komissiyada söylənmiş rəylər, həm də Milli Məclisdə qanun layihəsinin birinci oxunuşunda deyilən təkliflər, rəylər nəzərə alınacaq.
Qanunun əhəmiyyəti haqqında burada deyildi. Doğrudan da, bu, olduqca aktual qanundur, bu gün həm əhalimiz, həm də bütövlükdə bank sistemi tərəfindən gözlənilən bir qanundur.
Deyildiyi kimi, qanunun əsas məqsədi əhalinin, xüsusi ilə də aztəminatlı əhalinin, yəni xırda əmanətçilərin mənafeyinin qorunmasından ibarətdir. Bank sistemində artan dinamikanı, etibar dinamikasını görürük. Bu qanun əhalinin banklara olan inamının daha da gücləndirilməsi vasitəsi ilə bankların özünün inkişafına yardım edən bir qanun olacaq. Digər tərəfdən o bu gün möhtərəm cənab Prezident tərəfindən irəli sürülmüş iqtisadi strategiyanın, iqtisadi doktrinanın təməl prinsiplərinin reallaşmasına yönəldilən bir qanundur. Yəni bu qanunun bütövlükdə ölkənin iqtisadi inkişaf strategiyasının əsas elementləri ilə sıx əlaqəsi var.
Qanun komissiyada ətraflı müzakirə olunub. O müzakirələrdə səslənən məntiqi sualların bir çoxu bu gün burada da səslənir. Mən bu gün konseptual fikirlərə  öz münasibətimi bildirmək istəyirəm. Komissiyada  olduğu kimi, burada da Fondun idarə olunması məsələsi, Himayəçilik Şurasının tərkibi məsələsi müzakirə olunur. Burada dövlətin və Milli Bankın prinsipial mövqeyi ondan ibarətdir ki, yaradılan Fond ödənişləri ödəyən  bankların kollektiv idarəetmə orqanı deyil.  Burada bu funksiya həm də dövlət nəzarət orqanı kimi fəaliyyət göstərən Himayəçilik Şurası tərəfindən həyata keçirilir. Mən komissiyada qeyd elədim, bir sıra ölkələrdə, məsələn, dünyanın ən inkişaf eləmiş dövləti olan Amerika  Birləşmiş Ştatlarında əmanətlərin sığortası fondu bütövlükdə bank nəzarəti funksiyasını həyata keçirir. Təqdim olunan qanunda da  bankların maliyyə sabitliyinin monitorinqini keçirmək, bu istiqamətdə, xüsusi ilə də Milli Bankla sıx əməkdaşlıq etmək vəzifələri irəli sürülür.
Ödənişlərin səviyyəsi, onların tezliyi, borc götürülməsi, vəsaitlərin idarə olunması kimi məsələlərdə, - bunu bir sıra millət vəkilləri də qeyd elədilər, - dövlət maraqları ilə kommersiya banklarının maraqları arasında ziddiyyət də  yarana bilər. Dövlət tərəfindən yaradılan bu fondun əsas funksiyası ondan ibarətdir ki, əmanətçilərin, xüsusi ilə də xırda əmanətçilərin mənafelərini qorusun, onların əmanətlərinin sığortasını təmin etsin. Bu qanunun tətbiqi əmanətçilərin sayının 90 faizini əhatə edir və bu, olduqca yüksək bir rəqəmdir.
İkinci prinsipial məsələ. Nəyə görə yalnız fiziki şəxslərin əmanətləri sığortalanır, hüquqi şəxslərin əmanətləri sığortalanmır? İlk növbədə demək istəyirəm ki, bütün dünya belə başlayıb və bu gün qeyd edilən 90 ölkənin əksəriyyətində,  o cümlədən də keçid dövrünü yaşayan bir sıra ölkələrdə ancaq fiziki şəxslərin əmanətlərinin sığortalanması sistemi mövcuddur. Lakin lap yaxınlarda Avropa Birliyi belə bir tövsiyə ilə çıxış eləyib ki, Avropa Birliyinə daxil olan dövlətlər hüquqi şəxslərin əmanətlərinin sığortalanması sisteminin tətbiqinə hazırlaşsınlar və belə bir hazırlıq prosesi başlayıb. Hesab edirəm, biz də bu mərhələlərlə getməliyik. Burada iqtisadçıların əsas gətirdiyi ən mühüm məntiq ondan ibarətdir ki, hüquqi şəxslərin öz vəsaitlərini idarəetmə menecmenti, maliyyə menecmenti olmalıdır. Hüquqi şəxslər öz vəsaitlərini daha effektli idarə etmək üçün kifayət qədər imkanlara malikdirlər. Onlar bankların reytinqini bilirlər və bunu etmək üçün onların komandası var. Bunlar bankları seçə bilərlər. Amma fiziki şəxslərin, xüsusi ilə kiçik əmanətçilərin belə imkanları yoxdur. Ona görə də dövlət ilkin olaraq üstünlüyü fiziki şəxslərin əmanətlərinin sığortalanmasına verir. 
Burada millət vəkili Şükürov tərəfindən belə bir sual qoyuldu ki, nəyə görə bankların idarəetmə orqanlarının üzvləri üçün istisnalar müəyyən edilir, amma fondun idarəçilik şurasının üzvləri və icraçı direktorları üçün bu istisnalar müəyyən olunmur? Bu onunla əlaqədardır ki, fond bu vəsaitlərin idarə olunması üçün konkret hallarda məsuliyyət daşımır. Amma bankların idarəetmə orqanları prosesdə bilavasitə iştirak etdiklərinə görə vəsaitlərdən düzgün istifadə olunması üçün məsuliyyət daşıyırlar.
İnstitusional baxımdan təklif olundu ki, burada kredit ittifaqlarının da iştirakı nəzərdə tutulsun. Lakin bu hal “Banklar haqqında” Qanunla ziddiyyət təşkil edərdi. Bu gün qanunla müəyyənləşib ki, əmanət qəbul etmək hüququ ancaq banklara məxsusdur. Gələcəkdə kredit ittifaqlarına, digər mikromaliyyə institutlarına əmanət qəbul etmək hüququ verilsə, bu məsələyə qayıdarıq.
Belə bir fikir irəli sürüldü ki, hər hansı bir dövlət qurumu, deyək ki,  Milli Bank fondun fəaliyyəti üçün məsuliyyət daşımalıdır. Hesab edirəm ki, bu, ümumiyyətlə, Azərbaycanda ikipilləli bank sisteminin təşkili fəlsəfəsinə uyğun olmazdı. Dövlət və onu təmsil edən Milli Bank əhalinin əmanətləri üçün bilavasitə qarantiya mənbəyi ola bilməz. Ona görə bu gün bankların  əmanətləri kollektiv surətdə icbari sığorta etməsi vasitəsi ilə belə bir mexanizm yaradılır.
Bu, olduqca vacib bir qanundur. Biz ümid edirik ki, o, payız sessiyasında qəbul olunacaq. Bu dövrdə paralel olaraq bir tərəfdən parlamentdə qanunun daha da təkmilləşdirilməsi istiqamətində bank sektoru ilə birgə çalışacaq, digər tərəfdən isə bu fondun artıq 2007-ci ilin əvvəllərindən başlayaraq fəaliyyət göstərməsi üçün Milli Bankda və əlaqədar dövlət qurumlarında ilin sonuna qədər  hazırlıq işləri görüləcəkdir. Mən hesab edirəm ki, ölkədə maliyyə-bank sektorunun inkişafında, maliyyə infrastrukturunun inkişafında bu qanunun olduqca mühüm rolu olacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elman müəllim.
Səsə qoyuruq. Xahiş edirəm, birinci oxunuşda münasibətinizi bildirəsiniz. 

Səsvermənin nəticələri   (saat 14.56 dəq.)
Lehinə    92
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               92
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Elman müəllim, inşallah, ikinci oxunuşda bir də görüşərik.
Beşinci məsələ. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.  İkinci oxunuş. Müzakirələrdə Azərbaycan Respublikası Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran xanım Hüseynova, onun müavini Sədaqət xanım Qəhrəmanova,  komitənin əməkdaşları Elgün Səfərov və Səbinə xanım Talışinskaya iştirak edirlər. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət xanım Aslanova.  Buyurun, Rəbiyyət xanım.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli sədarət,  hörmətli millət vəkilləri! Bu gün Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsi ikinci oxunuşda müzakirənizə təqdim olunur. Mən gender haqqında, onun anlayışı haqqında böyük bir məruzə hazırlamışdım, ancaq vaxtın azlığından  konkret məsələ ətrafında danışmağı qərara aldım.
Gender anlayışı nə qədər yeni olsa da, onun ifadə etdiyi məna və münasibətlər dünya qədər qədimdir. XX əsrin sonlarından isə gender problemi dünya ictimaiyyətinin diqqətini cəlb etmiş və qlobal problemlər sırasına daxil edilmişdir. Məhz  buna görə nisbətən yeni olan bu anlayış, gender problemi də bütün dünya üçün xarakterikdir. Onun həlli istiqamətində Azərbaycan dövləti də qlobal cəmiyyətlə birgə öz səylərini əsirgəmir.
2000-ci ilin sentyabrında Birləşmiş Millətlər Təşkilatının üzvü olan 189 ölkənin iştirak etdiyi sammitdə “Minilliyin inkişaf  məqsədləri” adlı Bəyannamə qəbul olundu və burada 8 qlobal problem arasında gender bərabərliyinin təmin olunması da xüsusi vurğulandı. Onun həm strateji, həm də praktiki əhəmiyyətli sənəd olduğunu nəzərə çatdırmaq üçün 2015-ci ilin minilliyin qarşıya qoyulan məqsədlərinə bütün dünyada nail olunması ili olacağı bəyan edilib. Birləşmiş Millətlər Təşkilatı və Avropa Şurası bu gün gender probleminin həlli istiqamətində aparılan bütün fəaliyyətlərin əlaqələndiricisi və təmsilçisi kimi çıxış edirlər.
Azərbaycan dövləti hər iki beynəlxalq təşkilatın tam hüquqlu üzvü kimi buradan irəli gələn öhdəliklərin yerinə yetirilməsi və müvafiq hüquqi bazanın formalaşması üçün fəal əməli iş aparır. Bu istiqamətdə növbəti mərhələ Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası Qanununun qəbul edilməsidir. Təbii ki, gender problemi kimi gender bərabərliyinə dair qanun layihəsinə də münasibət birmənalı deyildir. Bu baxımdan beynəlxalq təcrübədə toplanmış pozitiv hüquqi bazaya analoji olan bir sənədin ortaya qoyulması əsas məqsəddir və hər birimiz bu məsələnin həllinə öz töhfəmizi verəcəyik.
Qanuna Avropa Şurası tərəfindən qəbul olunmuş iki ekspertin rəy qiymətləndirilməsi verilib. Həmçinin Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin, Ombudsman İnstitutunun çox maraqlı və qiymətli təklif və əlavələri bizə təqdim olunmuşdur.
Qanunun birinci oxunuşundan ikinci oxunuşuna qədər keçən vaxt ərzində ictimai müzakirələr, çoxlu konfranslar, televiziyalarda olduqca maraqlı dəyirmi masalar olub. Hətta  Gənclər parlamentinin “Space” kanalında növbəti müzakirəsi də elə bu məsələyə həsr olunmuşdur. Bu onu göstərir ki, qanunun müzakirəsində geniş ictimaiyyət iştirak edir. Bu, qanunun vacibliyinə dəlalət edən məqamdır.
Mayın 11-də layihə İnsan hüquqları və Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarında ikinci oxunuşa hazırlıq ərəfəsində müzakirə olundu. Burada da hörmətli millət vəkilləri öz mülahizələrini, fikirlərini bildirdilər, təklif və tövsiyələrini verdilər. Həmin tövsiyələrin hər birindən istifadə olunmuşdur. Mən istər birinci oxunuşda,  istərsə də komissiyanın iclaslarında yaxından iştirak edib fikir bildirən həmkarlarıma öz minnətdarlığımı bildirirəm. Demək istərdim ki, bütün bunların nəticəsində birinci oxunuşdan keçən müddət ərzində qanun layihəsinin 4 maddəsi çıxarılıb, 2 maddə əlavə olunub, 2 maddənin ardıcıllığı dəyişdirilib, 7 maddədə bəzi anlayışlar yeni anlayışlarla əvəz olunub. Ümumilikdə, qanuna edilmiş əlavə və təkliflərin sayı 20-dən çox olmuşdur. Birinci oxunuşdan keçən müddət ərzində Avropa Şurasının, ATƏT-in, Ombudsmanın, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin tövsiyələri qanunda öz əksini tapıb. Bir cəhəti qeyd edim ki, qanun birinci oxunuşda 2 fəsildən ibarət idi. Ancaq ikinci oxunuşda qanunu fəsillərə bölmək məsləhət bilinmədi. Maddələrin məntiqi ardıcıllığı elə qurulub ki, II fəslə ehtiyac olmadı. İndi sizin yenə də fikirləriniz bizim üçün çox vacibdir, məsləhət olarsa, qanunu müəyyən fəsillərə bölməyə zərurət yaranarsa, biz bununla razılaşarıq.
Birinci oxunuşdan sonra millət vəkilləri qanunun məqsədinin 1-ci maddədə daha aydın ifadə edilməsini tövsiyə etmişdilər. Əvvəl əsas anlayışlar gedirdi, sonra qanunun məqsədi. Biz bunu dəyişdirdik. Sonra əsas anlayışlardakı ardıcıllıq öz əksini tapdı, yəni gender məfhumunun, gender ifadəsinin nə olduğu və ondan sonra da gender bərabərliyi haqqında məfhumlar burada əks olundu.
Sonra, burada bir məqam var idi. 2.0.4-cü maddədə “cinsi mənsubiyyətə görə ayrı-seçkilik” ifadəsi fikir ayrılığına səbəb olmuşdu. Millət vəkilləri bu barədə müxtəlif fikirlər söyləmişdilər. Biz belə qənaətə gəldik ki, bunları iki variantda sizə verək. Sizə təqdim olunmuş qanun layihəsində hər iki variant, yəni həm “cinsi qısnama”, həm də “seksual qısnama” ifadəsi var. Baxın, yenə də siz öz fikirlərinizi bildirə bilərsiniz. Hansı daha məqbuldursa, biz onu qanuna sala bilərik.
3-cü maddə “Bu qanunun şamil edilmədiyi sahələr” adlanır. 3-cü maddəyə aşağıdakı məzmunda 3.2-ci bənd əlavə edilmişdir: “Bu qanunun müddəalarının şəxsi və ailə həyatına şamil edilməməsi ailədə zorakılığın qarşısını almaq üçün tədbirlər görülməsinə mane olmur.” Hörmətli Elmira xanım bizə öz rəyini vermiş və orada yazmışdır ki, ailədaxili zorakılıqlar, əksinə, daha çoxdur. Bəs biz ona necə müdaxilə edək? “Bu qanunun müddəalarının şəxsi və ailə həyatına şamil edilməməsi ailədə zorakılığın qarşısını almaq üçün tədbirlər görülməsinə mane olmur” ifadəsinin ora düşməsi artıq fəaliyyət dairəsini genişləndirir və ailədaxili hər hansı bir zorakılığa istər polisin, istərsə də digər hər hansı bir orqanın müdaxiləsinə imkan yaradır.
4-cü maddə “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə və cinsi qısnamaya yol verilməməsi” adlanır. Qanunun 4-cü maddəsində cinsi mənsubiyyətə görə ayrı-seçkilik hesab olunmayan hallar sadalanır. Bunların hər biri haqqında siz öz fikrinizi demişdiniz. Birinci oxunuşdan sonra 4-cü maddənin 4.2.1-ci bəndində “Əmək Məcəlləsi” sözləri artıq “qanunvericiliyi” sözü ilə əvəz olunmuşdur. Bu təklifi millət vəkili Fazil Mustafayev vermişdi. Biz bu dəyişikliyi məqbul hesab etdik. 4-cü maddənin daha bir bəndində dəyişiklik edilib. 4.2.3-cü bəndə Təhsil Nazirliyinin təklifi ilə “nikah” sözü əlavə edilib. Hörmətli millət vəkili Əli Hüseynovun təklifi ilə 4.2.5-ci bənd belə yazılıb: “Kişi və qadınlar üçün cəzaçəkmə müəssisələrində fərqli şəraitin yaradılması”. Yəni burada Əli müəllimin təklifi ilə “tətbiq edilməsi” ifadəsi “yaradılması” sözü ilə əvəz olunmuşdur. Əlbəttə, bu daha məqbul, daha düzgündür. Ona görə biz bunu dəyişdirdik.
5-ci maddə. “Gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri”. Millət vəkili Nəsib Nəsibli çox düzgün olaraq demişdi ki, burada “dövlətin siyasətinin” deyil, “dövlət siyasətinin” olmalıdır. Ona görə də “dövlətin” sözü “dövlət” sözü ilə əvəz olunmuşdur.
6-cı maddə “Gender bərabərliyinin təmin edilməsində dövlətin vəzifələri” adlanır. Bu maddədə hörmətli Valeh müəllimin təklifi ilə “təminat verilir” sözləri “tədbirlər görür” sözləri ilə əvəz edilmiş və Fazil Mustafayevin təklifi ilə “hüquqi, təşkilati və digər mexanizmlər vasitəsi ilə” sözləri çıxarılmışdır.
Qanun layihəsinin 7-ci maddəsi “Əmək fəaliyyətində işəgötürənin vəzifələri” adlanır. Ən çox mübahisələr də məhz bunun ətrafında gedirdi. Maddə işəgötürənlərin dövlət də daxil olmaqla öhdəlikləri və vəzifələrinin, məşğulluq və əmək münasibətlərində gender bərabərliyinin təmin olunmasını, cinsi mənsubiyyətə görə işə qəbul, işdə irəli çəkilmə, işin keyfiyyətini qiymətləndirmək və sair hallarda ayrı-seçkiliyin aradan qaldırılmasını nəzərdə tutur. 7.2.1-ci maddədə “bərabər imkanlar yaratmaq” sözləri əlavə edilib ki, bu da həmin imkanları genişləndirib. Çünki məhz burada qadınlar üçün bərabər imkanların yaradılmasına böyük zərurət var. Çünki qadınların ictimai, siyasi, iqtisadi həyatda dövlət əhəmiyyətli qərarların qəbul edilməsində iştirak səviyyəsinin yüksəldilməsi beynəlxalq qanunvericiliyin və ictimaiyyətin diqqət mərkəzindədir.
Statistikanın təhlili göstərir ki, planetin əhalisinin ən azı yarısını təşkil edən qadınlar qərar qəbuletmə prosesində çox cüzi təmsil olunur. Bu, beynəlxalq hüquq praktikasında qadınların qanunla dəstəklənən minimum təmsilçilik normalarının müəyyənləşdirilməsinə səbəb olmuşdur. Birləşmiş Millətlər Təşkilatının 1990-cı ildə qəbul etdiyi tövsiyələrdə qadınların siyasətdə təmsilçiliyinin 30 faiz həddi kritik hədd kimi müəyyənləşdirilib. Bu metod parlamentdə qadınların iştirakının təmin olunması sahəsində dünya təcrübəsində son iki onillik ərzində tətbiq olunur. Bəzi ölkələrdə, məsələn, İtaliyada minimal təmsilçilik norması 50 faiz, Argentinada 30 faiz, Braziliyada 20 faizdir. 1997-ci ildə İngiltərədə Leyborist partiyasının tətbiq etdiyi mexanizm qadınların parlamentdə sayının 60-dan 119 nəfərədək artması ilə şərtlənmişdir. Bu günə olan göstəricilərə gəldikdə isə qadınların siyasətdə təmsilçiliyi, məsələn, Finlandiyada 40 faiz, ABŞ-da 15 faiz, Almaniyada 31 faizdir. Mən demirəm, bu gün Azərbaycan parlamentində təmsilçilik məhz bu səviyyəyə qalxsın. Əlbəttə, bu bir arzudur, bir istəkdir. Təəssüf ki, bizdə bu, olduqca azdır.
Gender bərabərliyindən bəhs edilərkən kvotalaşma metodunun məqsəd deyil, müvəqqəti vasitə olduğunu düşünürük. Çünki kvotalar haqqında da hörmətli millət vəkillərinin fikirləri olmuşdur. Bəziləri, doğrudan, bu kvotanın tətbiq olunmasını istəyir. Çünki yuxarıda saydıqlarım da bəlkə kvota təsiri bağışlaya bilər. Ancaq biz bir daha təkrar edirik ki, kvota məqsəd deyil, müəyyən vaxt üçün müvəqqəti bir vasitə ola bilər. Çünki cəmiyyətdə insanların imkanları şəxsi qabiliyyət, intellektual potensial və professional meyarlara uyğun olaraq formalaşır.
Dövlətin idarə olunmasında, siyasi həyatda qadınların fəal iştirakının formaları müxtəlifdir. Bunlar siyasi,  ictimai formalara bölünür. Bu gün bizdə  qadınların fəallıq səviyyəsi ilk baxışda çox yüksək görünsə də, bu, ilk növbədə qadın liderliyinin ictimai formasının yaratdığı təsəvvürlərdir. Qadınlar vətəndaş cəmiyyətinin müxtəlif sahələrində, ictimai hərəkatlarda və gündəlik informasiya vasitələrində nisbətən fəal təmsil olunur. Eyni fikri siyasi və iqtisadi qərarların qəbulu sahəsində münasibətdə də söyləmək olar. Bir daha qeyd edirik ki, müəyyən güzəşt və kvotalar cəmiyyətdə passivlik yarada, Azərbaycanda sağlam rəqabət hissini zəiflədə bilər. Ona görə biz hesab edirik ki, bugünkü reallığımızda kvota söhbəti ola bilməz və hər bir kəsin öz bacarığı, öz qabiliyyəti, cəmiyyətdə nüfuzuna əsasən bu və ya digər sahədə mövqe tutması daha məqsədəuyğundur.
Qanunun 8-ci maddəsi. “Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri.”Bu maddədə işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq və sair sahələrdə bərabər imkanların təmin edilməsi məsələləri müəyyən edilib. Burada millət vəkili Sabir Hacıyevin təklifi ilə “sübut edilməlidir” sözləri “əsaslandırılmalıdır” sözü ilə əvəz olunubdur.  Hərçənd, mən “sübut etməlidir” ifadəsinin tərəfdarıyam.
9-cu maddə “Əməyin ödənilməsində bərabərlik” adlanır. Peşə, məşğuliyyət seçimində, əmək fəaliyyətində dövlətin bərabər imkanlar təmin etməsini nəzərdə tutan bu maddənin 1-ci bəndinə “bir iş yerində  işləyən” sözləri əlavə edilib.
9-cu maddənin 2-ci bəndinə dair  Sabir Hacıyev tərəfindən verilən təklif məqsədəuyğun sayılmadığına görə qəbul olunmamışdır. Ayrı-seçkiliyin qadağan edilməsi prinsipinin yalnız işə qəbul, işdə irəli çəkilmək  və vəzifənin dəyişdirilməsinə deyil, məşğulluq və əmək münasibətlərinin bütün sahələrinə şamil edilməsi vurğulanıb.
10-cu maddədə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elanlar məsələsi öz əksini tapıb. Bununla da əlaqədar müxtəlif fikirlər var idi. Bu elanlar qəzetlərdə də gedir. Hər birimiz belə elanların verilməsinin şahidiyik. Buna görə də işə qəbul zamanı yalnız bir cinsin nümayəndələrinə üstünlük verilməsini bəyan edən elanlar qanun layihəsinin 10-cu maddəsində yolverilməz hesab edilir. Yalnız işçinin cinsin müəyyənedici şərt olduğu əmək funksiyasını yerinə  yetirməsini tələb edən hallarda buna yol verilə bilər. 10-cu maddəyə dair hörmətli Vahid müəllim belə bir fikir irəli sürmüşdür ki, ancaq qadın əməyinin tətbiqinin qeyri-mümkün olduğu və yalnız kişilərin işləyə biləcəyi yerlərdə buna imkan verilə bilər. Məşğulluq və əmək münasibətləri sistemində gender bərabərliyinin təminatının qanunvericilikdə əksini tapması cəmiyyətin davamlı iqtisadi inkişafının başlıca şərtidir.
Dünya Bankının bir məlumatına əsasən qadınlar dünyanın yoxsul əhalisinin 70 faizini təşkil edir və dünyada mülkiyyətin cəmi 10 faizinə malikdirlər. Dünyanın ən varlı 691 adamı arasında vur-tut 68 qadın özünü bir sahibkar, bir iş adamı kimi təsdiq edə bilib. Buna görə də qadınlar arasında sahibkarlığa xüsusi önəm verilməsi, qadın sahibkarlara xüsusi şərait yaradılması demirik, ancaq hər halda onların bacarıqlarının və imkanlarının təsdiq olunmasına böyük ehtiyac var ki, qanun layihəsində də bu öz əksini tapıb.
Qanunun 11-ci maddəsi cinsi qısnamaya  məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yol verilməzliyini təsbit edir. Bu maddəyə görə işə götürəndən şikayət etmiş şəxslər hər hansı təqib və təzyiqlərə məruz qala bilməzlər. Bu, bircə bənddən  ibarət olan bir maddədir.
12-ci maddə “Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar” adlanır. Bu gün təhsil sistemimizdə bununla bağlı problemlər olmasa da, qanun layihəsi təhsil sistemində qadınlarla kişilər arasında hüquq bərabərliyini bir daha təsdiq edir. Bu maddədə tədris müəssisələrində gender bərabərliyi mədəniyyətinin təbliği xüsusi ilə öz ifadəsini tapmalıdır. Bilirsiniz, doğrudan da, biz əgər Bakıda bu haqda çox danışır, bu mövzuda konfranslar keçiririksə, regionlarımızda gender məsələsi ilə əlaqədar lazımi maarifləndirmə işi aparmırıq.
Məlumdur ki, bu gün gender problemlərini doğuran əsas səbəblərdən biri gender stereotipləridir. Elmi ədəbiyyatda bunu şüşə tavan adlandırırlar. Şüurlarda kök salmış stereotiplər bütün sahələrdə mövcuddur və çətinliklə dəf edilir. Buna görə də ali təhsil ocaqlarında, hətta orta məktəblərdə gender problemi ilə əlaqədar maarifləndirmə işinin gücləndirilməsinə böyük ehtiyac var.
Qanun layihəsində bir məqam var - dərsliklərdə gender problemi məsələsi. Doğrudan da, bu gün Azərbaycanda bütün dərslikləri açsanız, gender bərabərsizliyinin şahidi ola bilərsiniz. Ədəbiyyatda mı, tarix kitabında mı və ya digər kitabların hər birində gender bərabərsizliyi öz əksini tapır. Düzdür, tarix kişi simalıdır deyirlər və qadınların rolu orada epizodikdir. Ancaq orta məktəb dərsliklərində o epizodik rollar, o insanlar, o qəhrəmanlar, o yazıçı qadınlar haqqında kifayət qədər geniş məlumat verilməlidir. Nə yazıqlar ki, dərslikləri vərəqləyirsən, yalnız Nüşabənin adı ola bilər, Tomrisin adı ola bilər və bununla da kifayətlənirik. Mən  dövlət qadın komitəsinə çox minnətdaram. Bir böyük qadın ensiklopediyası hazırlamışlar. O qadın ensiklopediyasında Azərbaycana öz varlığı ilə şərəf hissi yaşadan böyük qadınlarımızın taleyi, fəaliyyəti vardır. Nə gözəl olar ki, o qadınların həyatı, təcrübəsi, fəaliyyəti haqqında bu kitablara da məlumatlar düşsün. Təhsil, maarifləndirmə bu cür başlayır. Yəni bir şəxsi nümunə olmalıdır ki, bu şəxsi nümunə əsasında da o insanlar tərbiyələnə bilsinlər.
14-cü maddə “İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatları” adlanır. Elə bu maddəyə əsasən dövlət kişi və qadınların mülkiyyət hüququnun, sahibkarlıq fəaliyyətinin, sosial təminat hüquqlarının həyata keçirilməsinə təminat verir. 14.2-də deyilir: “Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər sosial güzəştlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.” Bu bəndə “ünvanlı dövlət sosial yardımı” ifadəsi əlavə olunmuşdur.
15-ci maddədə siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının fəaliyyətində kişi və qadınların gender bərabərliyinin təminatı var idi. Buraya əlavə olaraq “həmkarlar ittifaqlarının” sözləri də əlavə olunub. Beləliklə, heç kəs yaddan çıxarılmayıb. Hörmətli  Azay müəllim, deyirdiniz ki, niyə qeyri-hökumət təşkilatları. Bu, bütün sahələri əhatə edib. 15-ci maddənin adına dəyişiklik edilərək, buraya dediyim kimi, “həmkarlar ittifaqlarının” sözləri də əlavə olunub.
16-cı və 17-ci maddələrə müvafiq olaraq zərərin ödənilməsini tələb etmək hüququ və qanunun pozulmasına görə məsuliyyət barədə müddəalar daxildir. Burada “zərərin ödənilməsini tələb etmək” əvvəl “kompensasiya almaq” adlanırdı. Öz dilimizdə “zərərin ödənilməsini tələb etmək hüququ” ifadəsi olduğu üçün  “kompensasiya almaq” ifadəsindən imtina etdik.
18-ci  maddə. Bu, kifayət qədər maraqlıdır. Çünki bu, qanunun işləməsi, fəaliyyəti və ona nəzarətin məsuliyyətini çəkə biləcək bir qurumun yaranması məsələsidir. Hörmətli həmkarlarımın hərəsi  bir fikir söylədi, - hər birinizin fikrinə böyük hörmətlə yanaşırıq, - kimlərsə bunun Ombudsmana, kimlərsə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə verilməsini təklif etdi. Ancaq biz hesab edirik ki, burada hələ dəqiq yazılmayıb, yəni müvafiq icra hakimiyyəti orqanına həvalə edilir. Bunun necə bir orqan olacağı bizim hər birimizi maraqlandırır. Ayrıca bir qurum yaransın, yaxud bu iş artıq mövcud olan həmin qurumlara həvalə olunsun. Yəqin ki, sizin məsləhətiniz, sizin sözləriniz bu məsələyə bir aydınlıq gətirəcək.
Qanun layihəsi 19 maddədən ibarətdir. Böyük bir qanun deyil. Ancaq daşıdığı məna olduqca böyükdür. Bu, ilk növbədə cəmiyyətdaxili münasibətlərin mükəmməlləşməsinə, kişi və qadın münasibətlərinin sivil qaydada formalaşmasına və ilk növbədə cəmiyyətdə bir-birimizin bacarığını, qabiliyyətini etiraf etməsinə yönələn bir sənəddir. Bunun işləməsi ilk növbədə hər birimizdən, hər birimizin buna dərk olunmuş münasibətindən asılı olacaq. Bu, ikinci oxunuşdur və sizin dediyiniz hər bir söz gələcəyə ünvanlanmış bu qanunun daha da təkmil olmasına və daha vacib müddəalarla zənginləşməsinə xidmət edəcək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının üzvü Sabir Hacıyev.
S. Hacıyev. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli  millət vəkilləri! Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsi bu gün ikinci oxunuşa təqdim olunub. Hörmətli Rəbiyyət xanım çox ətraflı, maddə-maddə bütün fikirləri çatdırdı.
Bu məsələyə iki komissiyanın birgə iclasında baxılmışdır. Mən də komissiyamız adından bu qanunun ikinci oxunuşda qəbul edilməsini tövsiyə edir və həmkarlarımızı bu qanun layihəsinin müzakirəsində fəal olub, onun qəbul edilməsinə dəstək verməyə dəvət edirəm.
Bu qanun layihəsinin konsepsiyası haqqında biz birinci oxunuşda çox geniş demişdik. Gələcəkdə də əgər hansısa bir məsələ ortaya çıxarsa, biz bunu yenə də müzakirə eləyə bilərik. Bu yaxınlarda beynəlxalq təşkilatların da iştirakı ilə bu qanun layihəsi müzakirə olunmuş və yenə də müəyyən təkliflər irəli sürülmüşdür. Amma hər halda bu gün təqdim olunmuş layihə çox mükəmməl hazırlanıb. Biz onun ikinci oxunuşda qəbul edilməsini tövsiyə edirik. Təşəkkür edirəm.
Sədrlik edən. Təşəkkür edirəm. Prosedura görə, yəqin ki, biz ikinci oxunuşda bunu əsas kimi qəbul eləməli və sonra müzakirələrə keçməliyik. Ona görə xahiş edirəm, bu qanun layihəsinə ikinci oxunuşda münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 15.22 dəq.)
Lehinə    80
Əleyhinə                 4
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Keçirik müzakirələrə. Reqlament 3 dəqiqə. Ancaq kimsə 3 dəqiqədən qırağa çıxsa, mən etiraz eləməyəcəyəm. Deputat Həsənov. 
A. Həsənov. Gender anlayışına görə, cəmiyyətdə qadın və kişinin rolları sosial baxımdan təqdir olunur və qurulur. Buna görə də onlar arasında  hüquqların və vəzifələrin daha ədalətli bölüşdürülməsi istiqamətində aparılan işlər  heç də insan cəmiyyətinin əsaslarını sarsıtmır, əksinə, əsil harmoniyanın əldə olunmasına, insan hüquqlarının təmin edilməsinə xidmət edir.
Keçid dövrü ilə bağlı böhran qadınların vəziyyətində, eləcə də kişi və qadınların sosial rollarının bölüşdürülməsində bir çox problemləri üzə çıxardı, dərinləşdirdi və yenilərini yaratdı. Sosial təminat sisteminin qismən dağılması qadınların siyasi həyatda aktivliyinin aşağı düşməsi, qadın əməyinin istismarı, onlara qarşı zorakılıq  hallarının artması ilə nəticələnmişdir. Xüsusən xarici təsirlərin, Qərbin kütləvi informasiya vasitələrinin təsiri ilə qadının bir yoldaş, silahdaş və şəxsiyyət kimi qəbul edilməsi təsəvvürü onun get-gedə sosial əyləncə obyektinə çevrilməsi ilə əvəz olundu. Bunun nəticəsi olaraq nə qədər ağır və acınacaqlı olsa da, demək məcburiyyətindəyəm ki, qeyri-qanuni nikahların sayı getdikcə artmaqdadır.
Bu gün Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə çıxarılması onu deməyə əsas verir ki, bu sahədə bir çox çatışmazlıqlar nəzərə alınmalı, qanuna əlavələr edilməli, onun işlək mexanizmi tənzimlənməlidir.
Qanunun gender bərabərliyinin təmin edilməsi ilə bağlı dövlət siyasətinin əsas istiqamətləri haqqında 5-ci maddəsinə nəzər salaq. Fikrimcə, bu sahədə görülən işləri sürətləndirmək üçün maddənin 0.2-ci bəndini, yəni “gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramının hazırlanması və həyata keçirilməsi” ifadəsini “gender bərabərliyinin təmin edilməsi üçün dövlət proqramının hazırlanması və yaxın müddətdə həyata keçirilməsi” şəklində təkmilləşdirsək, daha məqsədəuyğun olar. Bu, eyni zamanda, dövlət proqramının hazırlanmasına cavabdeh olan qurumların məsuliyyətini artırardı.
Əməyin ödənilməsində bərabərlik haqqında 9-cu maddəyə də düzəliş edilməlidir. 2-ci bənddə “Eyni işi yerinə yetirən kişi və qadınların əmək haqqı müxtəlif olduqda, işəgötürən əmək haqqındakı fərqin işçinin cinsi mənsubiyyəti ilə əlaqədar olmadığını əsaslandırmalıdır” cümləsi “Eyni işi yerinə yetirən kişi və qadınların əmək haqqı fərqli olmamalıdır” yazılsa, daha yaxşı olar. Yəni görülən işin müqabilində əmək haqqı elə tənzimlənməlidir ki, işəgötürənin bu sahədə nəyi isə əlavə olaraq əsaslandırmasına ehtiyac qalmasın.
Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan haqqında 10-cu maddənin 2-ci bəndində deyilir ki, alçaldıcı məzmunlu, kişi və qadınların hüquq bərabərliyi prinsipinə zidd olan elanların dərc edilməsi qadağandır. Həmin maddənin 3-cü bəndi ilə isə yalnız bir cinsin nümayəndəsi üçün müsabiqənin elan edilməsinə yol verilmir. Əslində, bu qanunun işlək mexanizmi, demək olar ki, yoxdur. Bu bərabərlik prinsiplərini pozan elanlar yaşayış binalarında, işıq dirəklərində, avtobusların pəncərələrində, bir sözlə, hər yerdə var. Məhz bu maddələrin çox ciddi və kəskin şəkildə işlənməsinə ehtiyac var.
Məsələn, biz buna siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və həmkarlar ittifaqlarının fəaliyyətində gender bərabərliyinin təminatları haqqında 15-ci maddəni misal göstərə bilərik. Maddənin 1-ci bəndində qeyd edilir ki, siyasi partiyalar, qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqları öz üzvləri olan kişi və qadınlar üçün bərabər imkanlar yaratmalıdırlar.  Bu maddənin 2-ci bəndi, məncə, həm məna, həm də məzmun etibarı ilə 1-ci bəndin eynidir. Bundan başqa, bu bəndlərin yerləri də düzgün qeyd edilməyib. Belə ki, 1-ci bənddəki tələbin icrası 2-ci bənddə əks olunan tələbin icrasından sonra mümkün olduğuna görə əvvəlcə 2-ci bənddəki müddəa verilməliydi. Ona görə təklif edirəm ki, bu bəndlər təkmilləşdirilib bir bənddə birləşdirilsin, belə yazılsın: “Siyasi partiyalar, qeyri-hökumət təşkilatları və həmkarlar ittifaqına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalı və onlar üçün bərabər imkanlar yaradılmalıdır”. Bu bənddə siyasi partiya, qeyri-hökumət təşkilatları, həmkarlar ittifaqı üzvlərinin davranış-etika məsələləri də qanunla tənzimlənməli...
Sədrlik edən. Aydın müəllim, Sizə nə qədər vaxt lazımdır? 
A. Həsənov. 3 saniyə. Sosial siyasətin əsas istiqamətlərinin müəyyən edilməsində əmək qabiliyyətli qadınların işlə təmin olunması və düzgün yerləşdirilməsinə də ciddi ehtiyac duyulur. Bununla bağlı bölgələrdə ictimai təşkilatların rolu artırılmalıdır. İqtisadiyyatın idarə edilməsində, ekoloji problemlərin həllində də bərabərlik prinsipi qorunmalıdır. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Aydın müəllim. Elmira xanım Axundova.
E. Axundova. Çox sağ olun. Mən bu qanunu çox aktual və lazımlı hesab edirəm və onun lehinə səs verəcəyəm. Amma mən yenə də qadına qarşı ailədə, ümumən, məişət zəminində zorakılıq faktları haqqında demək istərdim. Düzdür, 3-cü maddəyə bir cümlə əlavə edilib. Amma fikrimcə, bu heç də kifayət deyil. Keçən dəfə bu qanun müzakirə olunanda mən bir sıra rəqəmlər misal gətirdim. Həmin gün dediklərimi mən  indi yenə də təsdiq edirəm. Qadına qarşı zorakılıq faktları, xüsusən məişət zəminində xeyli çoxalıb və cəmiyyətimiz üçün təhlükəli miqyas alıb. Hər gün qəzet səhifələrindən, televiziya kanallarından  qadınlara qarşı dəhşətli, bir çox hallarda onların ölümü ilə nəticələnən faktlarla rastlaşırıq.
Mən ikicə rəqəmi sizin diqqətinizə çatdırmaq istərdim. 2005-ci ildə Azərbaycanda qadınlara qarşı 5 mindən çox cinayət hadisəsi qeydə alınıb, halbuki 2004-cü ildə bu növ cinayətlərin sayı cəmi 4 min 400 idi. Deməli, belə  hadisələrin sayı minə qədər çoxalıb. Əfv məsələləri üzrə komissiyaya  bu növ cinayət törədən adamlardan onlarla, yüzlərlə ərizə daxil olur.
Yeniyetmə qızlar oğurlanır, 13-14 yaşlı qızlarla ailə qururlar. Qızları yuxarı siniflərdə oxumağa qoymurlar. İndi bizim çox hörmətli Mehriban xanım kəndlərdə yeni tipli məktəblər tikdirir. Amma kəndlərimizi gəzin, özünüz şahid olun, yuxarı siniflərdə qız görmək indi nadir hala çevrilib. Siniflər, demək olar ki, yarı boş qalır. Halbuki bu qanunun 12-ci maddəsində yazılır: “dövlət kişi və qadınlara təhsil hüququnun həyata keçirilməsi üçün bərabər imkanların yaradılmasını təmin edir”. Amma bu maddə ailə, məişət səviyyəsində, demək olar ki, addımbaşı pozulur. Bu isə bizi yenə də qadınlara qarşı zorakılıq haqqında fikirləşməyə vadar edir.
Azərbaycanda seksual xarakterli cinayətlər, qadın alveri faktları xeyli dərəcədə çoxalıb. Bu il qadın alveri qurbanlarının sayı 360-a qalxıb. İş o yerə çatıb ki, Daxili İşlər Nazirliyi insan alverinə qarşı xüsusi idarə yaradıb və insan alveri qurbanlarının reabilitasiyası üçün Bakıda xüsusi mərkəz yaradıb. Belə faktları çox sadalamaq olar.
Qabaqlar kişilər ictimai məhkəmələrdən, Kommunist Partiyasının nizam-intizam komissiyalarından qorxur və özlərini ailədə sivil qaydada aparmağa çalışırdılar. İndi isə bütün maneələr aradan götürülüb, yenə də keçmişə qayıdırıq. Əlbəttə, mən bunu ümumiləşdirmək istəməzdim. Amma sizi inandırıram ki, məişət zorakılığı problemi Azərbaycanda çox kəskin şəkildə durur. Ona görə də mən hesab edirəm ki, biz qadına qarşı zorakılığa, ailə zorakılığına qarşı ya bu qanunda xüsusi bölmə ayırmalı, ya da təzə bir qanun layihəsi hazırlamalıyıq. Hər halda biz bu cid`di və təhlükəli məsələyə öz münasibətimizi birmənalı  bildirməliyik. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Elmira xanım. Deputat Məlahət Həsənova.
M. Həsənova.  Çox sağ olun, Valeh müəllim. Mən Sizdən çox xahiş edirəm ki, heç olmasa, qadınlara 3 dəqiqə yox, 5 dəqiqə vaxt verəsiniz.
Sədrlik edən. Ürəyinizi boşalda bilərsiniz. Təki deputatlarımız dözsünlər.
M. Həsənova. Çox sağ olun. Mən əvvəlcə belə bir qanunun hazırlanmasına və ikinci oxunuşda müzakirəyə çıxarılmasına görə İnsan hüquqları daimi komissiyasının hər bir üzvünə, işçi qrupuna və şəxsən hörmətli millət vəkili Rəbiyyət Aslanovaya öz minnətdarlığımı bildirirəm. Əlbəttə, belə bir qanunun hazırlanması, qəbul olunması  bir daha əsası 1993-cü ildə ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və formalaşdırılmış dövlət qadın siyasətinin bu gün möhtərəm Prezidentimiz tərəfindən uğurla həyata keçirilməsi və bu siyasətin gün-gündən təkmilləşdirilməsinin bariz nümunəsidir. Bu il, 2006-cı ildə Qadın Problemləri üzrə Dövlət Komitəsinin  yaranması və eləcə də bu qanunun qəbul olunması dövlətimizin bu sahədə həyata keçirdiyi siyasətin getdikcə təkmilləşdirilməsinin daha bir göstəricisidir. Hesab edirəm ki, belə bir qanunun qəbul olunması qanunvericiliyimizdə bununla bağlı olan digər qanunların da gələcəkdə təkmilləşdirilməsi və beynəlxalq standartlara, normalara uyğunlaşdırılması istiqamətində böyük bir addım olacaqdır. Mən bu qanunun ikinci oxunuşda qəbul olunmasına səs verəcəyəm və hörmətli həmkarlarımı da ikinci oxunuşda bu qanuna səs verməyə çağırıram.
Lakin mənim də bu qanun layihəsi ilə bağlı müəyyən qeyd və təkliflərim var. Məsələn, 3.1-ci maddədə yazılıb: “Bu qanunun müddəaları şəxsi və ailə həyatına, dini icmaların fəaliyyətinə şamil edilmir”. Bu maddə belə bir təəssürat yaradır ki, guya bizdə ailədə, şəxsi həyatda və dini icmalarda bu aktual məsələ tam qaydasındadır, amma dövlətdə bu məsələ ilə bağlı problemlər var. 
Bu qanunun adı ilə bağlı bayaq, hörmətli Valeh müəllim, Sizin yanınızda komissiya sədrlərinin iclasında biz bu məsələyə toxunduq. 2-ci maddədə, yəni “Əsas anlayışlar”da genderin açıqlanması verilir. Gender bu gün yeni bir termin deyil, bu termin 10 ildən artıqdır, Azərbaycan ictimaiyyətində, cəmiyyətində qəbul olunub. Elə adı “Gender bərabərliyinin təminatları” kimi getsə, daha yaxşı olar. Çünki mötərizədə “kişi və qadınların” sözlərinin yazılması belə bir təəssürat yaradır ki, kişi və qadın heç vaxt bərabər ola bilməz. Gender, təbii ki, kişi və qadınların sosial rolları ilə bağlı bir elmdir. Elə “Gender bərabərliyinin təminatları haqqında” sözləri yazılsa, çox gözəl olar.
1-ci maddədə  “mülkiyyət növündən asılı olmayaraq”  sözləri əlavə olunsa, daha yaxşı olardı. Çünki bu gün Azərbaycanda dövlət qadın siyasəti haqqında fərman var, xüsusi dövlət qurumu var və bu gün gender disbalansı elə özəl təşkilatlarda, şirkətlərdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan insanlar tərəfindən daha çox pozulur, nəinki dövlət qurumlarında. Ona görə 1-ci maddədə və digər bir neçə maddədə, eləcə də 15-ci maddədə “mülkiyyət növündən asılı olmayaraq bütün sahələrdə” sözləri əlavə olunsa, daha yaxşı olar.
4-cü maddənin adı ilə mətni bir-birinə uyğun gəlmir. 4-cü maddənin ayrı-ayrı yarımbəndləri cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə həsr olunmuşdur. Lakin sonuncu maddəyə “cinsi qısnama qadağandır” sözləri əlavə olunubdur. Təklif edərdim ki, 4.3-cü maddə elə 11-ci maddəyə əlavə olunsun. Bu təqdirdə 4-cü maddə tam tərkibi ilə, yəni yarımbəndləri ilə öz mahiyyətini açmış olar.
12.3-cü maddədə yenə də “dövlət bütün tədris müəssisələrində” yazılıb. Yaxşı olardı ki, buraya da “mülkiyyət növündən asılı olaraq” sözləri əlavə olunsun. Çünki bu gün həm dövlət tədris ocaqları, həm də digər tədris müəssisələri var. Bayaq söylədiyim kimi, elə bu diskriminasiyalar ən çox özəl sahədə baş verir.
Mən hesab edirəm ki, bu qanun ikinci oxunuşda qəbul olunmağa hazırdır və bütün həmkarlarımı bu qanuna səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Məlahət xanım. Deputat Pənah Hüseyn.
P. Hüseyn.  Çox sağ olun, Valeh müəllim. Burada ad məsələsi qaldırıldı. Mən də münasibətimi ada bildirməkdən başlamaq istəyirəm.  Qadın və kişi bərabərliyinin ən çox inkişaf etdiyi ölkələrdən biri olan Finlandiyada qanun “Qadın və kişilər arasında bərabərlik haqqında” adlanır. İtaliyada, Belçikada, inkişaf etmiş və gender məsələləri öndə olan bir sıra digər ölkələrdə qadın və kişi məsələsi xüsusi olaraq qeyd olunur. Ona görə də  bir daha bunun üzərinə geniş qayıtmıram. Hesab edirəm ki, qanunda gender məfhumuna genişlənmiş məna verilməsinin qarşısını almaq mühüm məsələdir.
Məclisin bugünkü iclasına ən çox hazırlaşdığım bu qanun  layihəsi idi və şübhəsiz ki, bu da məsələnin mühümlüyü ilə bağlıdır. Təəssüf ki, bir sıra maddələr konkretləşmək əvəzinə deklarativ, daha çox ümumi bir xarakter alıb. Misal üçün deyim ki, ən mühüm məsələlərdən biri  siyasətdə, dövlət əhəmiyyətli qərarların qəbul edilməsində və dövlətin idarə olunmasında qadınların və kişilərin balanslaşdırılmış iştirakı problemidir. Təsadüfi deyil ki, Avropa Şurasının Nazirlər Kabineti bu barədə 2003-cü ildə xüsusi sənəd, sonra həmin sənədə tövsiyə və o tövsiyəyə izahat qəbul etmişdir. Əvvəlki oxunuşda müzakirə etdiyimiz qanunda da, məncə, məhz dövlət orqanlarında, həm seçkili, həm də icra orqanlarında qadın və kişilərin balanslaşdırılmış iştirakına aid müəyyən müddəalar vardı. Burada da 6-cı maddədə deyilir ki, dövlət tədbirlər görür. Mənə elə gəlir ki, bu, ümumidir.
Yenə də Avropa ölkələrinin təcrübəsinə qayıtmaq istəyirəm.  Norveçin “Gender bərabərliyi haqqında”, Finlandiyanın “Qadın və kişilər arasında bərabərlik haqqında” qanunlarında bütün bu orqanlarda qadınlar üçün 40 faizdən az olmamaq şərti ilə kvota nəzərdə tutublar. Mənə elə gəlir ki, üçüncü oxunuşda da olsa, biz bu məsələlərdə konkret ümumi qaydalar nəzərdə tutmalıyıq.
Mən çıxışımın ikinci hissəsində məni çox narahat edən sosial müdafiə ilə bağlı bir məsələyə qayıtmaq istəyirəm. Təsadüfi deyil ki, ikinci oxunuşda  14.2-ci maddədə belə bir müddəa öz əksini tapır: “Dövlət kişi və qadınların sosial təminat hüququnun həyata keçirilməsində, ünvanlı dövlət sosial yardımının və digər ödənişlərin alınmasında bərabər imkanların yaradılmasına təminat verir.”
Mənə olduqca pis təsir edən bir seçici müraciəti olub. Mənim seçildiyim Sabirabad rayonunda hazırda ünvanlı sosial yardımla bağlı məsələləri həll edən pensiya idarəsi müraciət edən bütün qadınlara şəhərdəki bir neçə süpürgəçi, xadimə yerini təklif edir və bundan imtina edənlərə işsizlik statusu vermir. Hesab edirəm ki, bizim analarımız,  bacılarımız üçün belə təhqiramiz yanaşmaya son qoyulmalıdır. Mən buradan  həmin nazirliyin özünə müvafiq bir sorğu göndərilməsini istərdim. Olduqca vacibdir ki, bu məsələyə aydınlıq gətirilsin. Mənə elə gəlir ki, ailəli qadınlara, ən azı məktəb yaşına qədər uşaqları olan qadınlara  işsizlik statusunun verilməsində hər hansı maneə aradan götürülməlidir. Çünki qadın ailədə olmaqla və yaxud uşaq böyütməklə cəmiyyət üçün faydalı işlə məşğul olur. Ona görə də belə qadınlara işsizdir demək   həqiqətə, haqqa və qanuna zidd olan bir məsələdir. Mənə elə gəlir ki, bu məsələni həll etmək və qadınlarımızın haqqını, hüququnu bərpa etmək bizim kişi deputatların da borcudur.
Sonuncu təklifım müavinət məsələsi ilə bağlıdır. Burada nəzərə almaq olar ki, müavinətin verilməsi həmin statusla bağlı deyil. Bunu asanlıqla həll etmək olar.
Qanunun, ümumilikdə, qəbul edilməsini mən də vacib hesab edirəm. Qanunun üzərində iş davam etdirilməlidir və etdiriləcək. Təşəkkür edirəm.
Sədrlik edən.  Çox sağ olun. Təklif var ki, səsə qoyaq. Səsə qoymamışdan öncə, Hicran xanım, bəlkə Siz nə isə demək istəyirsiniz?
H.Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Çox sağ olun, Valeh müəllim. İcazə versəniz, bir neçə söz deyərdim. Hörmətli millət vəkilləri! Yəqin, müzakirələrdən də görünür ki, bu nə dərəcədə bizə lazım olan bir qanundur. Rəbiyyət xanım və parlamentin işçiləri bu qanunun hazırlanmasında bizə böyük kömək ediblər. Çox sağ olsunlar. Uzun müddət biz bunun ətrafında müzakirə aparmışıq. Yenə də orada bir-iki məsələ var və mən istəyirəm, sizin diqqətinizi onlara cəlb edim.
Qanunun adından çox danışıldı. Mən burada kişi və qadın məsələsinin ətraflı açılmalı olduğunu deyən hörmətli deputatlarla tam razıyam. Bunun təcrübəsi var. Bir neçə ölkə yalnız “gender” sözünü işlədir. Lakin bizdə insanların gender haqqında o qədər də məlumatı yoxdur. Biz nə qədər çox işləsək də, rayonlarda dedilər ki, bu məfhumun anlaşılmasında şəhərlə rayonlar arasında çox böyük fərq var. Ona görə də  qanunun adında bunları bir az açıqlamaq lazımdır.
Qanunun məqsədi kimi bərabər imkanların yaradılması üçün mexanizmlərin təmin edilməsi daha məqsədəuyğundur.
Qanun layihəsinə yeni maddə əlavə olunması, mənə elə gəlir ki,  çox vacib bir məsələdir. Biz bu qanunun səviyyəsini artırmaq üçün qanun layihəsinə aşağıdakı məzmunda iki əlavə təklif edirik, Birinci əlavə: “Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi Azərbaycan Respublikasının Konstitusiyası, bu qanun, Azərbaycan Respublikasının digər qanunvericilik aktları və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr əsasında həyata keçirilir.” İkinci əlavə: “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanunu və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr arasında ziddiyyət yaranarsa, bu halda  beynəlxalq müqavilələrə üstünlük verilir.”
2.0.5-ci maddədə iki variant var: seksual qısnama və cinsi qısnama. Bunlardan birinin seçilməsini sizin ixtiyarınıza veririk. Hansı variantı məsləhət bilsəniz, o, qəbul olunacaq. Ümumiyyətlə, beynəlxalq səviyyədə bu, “seksual qısnama” adlanır. Biz Avropa Şurasının üzvüyük, istər-istəməz biz də gərək beynəlxalq normalara uyğun olan bir termin qəbul edək. 
Burada belə bir fikir də səsləndi ki, qanun layihəsində kvota sistemi xüsusi ilə vurğulanmalıdır. Mən öz fikrimi demək istəyirəm. Kvota sistemi çox mürəkkəb bir formadır. Ümumiyyətlə,  kvota sistemini Avropa ölkələrində qəbul ediblər. Lakin o sonra  qadınların fəallığına daha çox maneçilik törədib. Amma biz qanunda bunu “zəruri hesab edərək” kimi yazsaq,  məncə onu qəbul etmək olar.
Ən  vacib nəyi istərdik deyək? 18-ci maddədə qanunun icra mexanizmi öz əksini tapmayıb. Yaxşı olardı ki, “müvafiq icra hakimiyyəti orqanı” əvəzinə konkret olaraq Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi göstərilsin. Mən bunu ona görə demirəm ki, o komitənin sədriyəm. Sadəcə olaraq, mənə elə gəlir ki, belə bir konkretlik işin xeyrinə olar. Çox sağ olun.
Sədrlik edən.  Çox sağ olun. Səsverməyə keçirik. Təklif olunur ki, maddələri qruplaşdıraq, əvvəlcə 1-6-cı, sonra 7-13-cü və daha sonra 14-19-cu maddələrə səs verək. 1-6-cı maddələrə münasibətinizi bildirməyi xahiş edirəm.

Səsvermənin nəticələri   (saat 15.51 dəq.)
Lehinə    89
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       1
İştirak edir               90
Nəticə: qəbul edildi

Qəbul edildi. 7-13-cü maddələrə, xahiş edirəm, münasibətinizi bildirin. 

Səsvermənin nəticələri  (saat 15.52 dəq.)
Lehinə    89
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               89
Nəticə: qəbul edildi

Qəbul edildi. 14-19-cu maddələrə, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri   (saat 15.53 dəq.)
Lehinə    87
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       2
İştirak edir               89
Nəticə: qəbul edildi

Qəbul edildi. Qanun layihəsinin  ikinci oxunuşda bütövlükdə qəbul edilməsinə münasibətinizi bildirməyi xahiş edirəm.

Səsvermənin nəticələri   (saat 15.53 dəq.)
Lehinə    88
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               88
Nəticə: qəbul edildi

Qəbul edildi. Hamınıza təşəkkür edirəm.
Bircə kəlmə demək istəyirəm. Kvota məsələsinə bir az ehtiyatla yanaşın. Əgər Finlandiya  parlamentində qadınların sayı çoxdursa, kvotaya görə deyil. Seçicini döyə-döyə məcbur edə bilmərik. Yəqin ki, cəmiyyətdə münasibətlər dəyişməli, mədəniyyət dəyişməlidir ki, kvota məsələsi özü-özünə həll olunsun. Əgər sabah  qəbul etsək ki, 40 faiz filan yerdə, 50 faiz filan yerdə qadınlar olsun, qeyri-bərabərliyin bünövrəsini elə onunla qoymuş olacağıq. Çox sağ olun.
6-cı məsələ. “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə. İkinci oxunuş. Regional məsələlər daimi komissiyasının üzvü Rüstəm Xəlilov, buyurun.
R. Xəlilov,  Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
Hörmətli sədarət, hörmətli millət vəkilləri! Dövlət və yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin səmərəli, demokratik prinsiplərə uyğun idarə edilməsində inzibati ərazi bölgüsünün inkişafı və təkmilləşdirilməsi böyük rol oynayır. Son illər ölkədə gedən iqtisadi islahatlar nəticəsində  bəzi rayon, şəhər, yaşayış məntəqələrində hələ də torpaq mübahisələri mövcuddur. Düzdür, belə məsələlər aidiyyəti orqanlar tərəfindən araşdırılır. Lakin nəzərinizə çatdırmaq istərdim ki, bir çox hallarda belə məsələlər öz həllini tapmır və bu da yerlərdə haqlı narazılıqlara səbəb olur.
Bu gün müzakirənizə təqdim olunan “İnzibati ərazi vahidləri arasında ərazi məsələləri üzrə mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyalar haqqında Əsasnamə” Torpaq Məcəlləsinin 104-cü maddəsinə uyğun olaraq  inzibati ərazi vahidləri, yəni rayon və şəhərlər arasında mövcud olan hər hansı mübahisələrə baxılması üçün yaradılan xüsusi komissiyanın hüquqi əsasını müəyyən edir. İndiyə qədər mövcud olan və yaxud gələcəkdə rayonlar və şəhərlər arasında yarana biləcək torpaq mübahisələrinin operativ və qanunauyğun həlli üçün müzakirənizə verilən bu Əsasnamənin qəbul edilməsi mövcud problemlərin aradan qaldırılması üçün çox mühüm sənəddir.
Qanun layihəsinin 1-ci maddəsindən göründüyü kimi, komissiyanın yaradılmasında məqsəd inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı yaranan mübahisələrin həlli üçün  rəy hazırlayıb, Azərbaycan Respublikası Milli Məclisinə təqdim etməkdən ibarətdir.
Diqqətinizə çatdırmaq istərdim ki, Naxçıvan Muxtar Respublikasının inzibati ərazi vahidləri arasında ərazi məsələləri ilə bağlı mübahisələrin həlli  Naxçıvan Muxtar Respublikasının Ali Məclisi tərəfindən yaradılan xüsusi komissiyalar tərəfindən həyata keçiriləcəkdir.
Layihənin 2-ci maddəsindən göründüyü kimi, komissiyanın yaradılması üçün aralarında ərazi məsələləri üzrə mübahisə olan inzibati ərazi vahidlərindən ən azı biri Azərbaycan Respublikasının Milli Məclisinə müraciət edir. Regional məsələlər daimi komissiyası həmin müraciətə əsasən aşağıdakı qərarlardan  birini qəbul edir. Komissiyanın yaradılmasına əsas olmadığı barədə  qərar çıxarır və həmin qərarı müraciəti ünvanlanmış ərazi vahidlərinə bildirir. Komissiyanın yaradılması üçün əsas olduqda müvafiq qərar çıxarır və həmin qərarı komissiyanın tərkibinə dair təklifləri  ilə birlikdə Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir.
Əgər Regional məsələlər daimi komissiyası xüsusi komissiyanın yaradılmasına əsas olmadığı barədə qərar qəbul edərsə və bu qərarla əlaqədar aralarında ərazi mübahisəsi olan inzibati ərazi vahidlərindən biri razılaşmazsa, mübahisə tərəflərindən biri həmin qərarın Azərbaycan Respublikası Milli Məclisinin iclasında baxılması üçün müraciət edə bilər.
Milli Məclis yenidən daxil olmuş müraciətə 30 gün ərzində baxaraq xüsusi komissiyanın yaradılması barədə qərar qəbul edərsə, Regional məsələlər daimi komissiyası xüsusi komissiyanın tərkibini müəyyən edərək Azərbaycan Respublikasının Milli Məclisinə göndərir.
Komissiyanın tərkibi mübahisənin mürəkkəblik dərəcəsindən və tərəflərin sayından asılı olaraq 7-9 nəfərdən ibarət təşkil olunur. Komissiyanın tərkibinə Azərbaycan Respublikası Milli Məclisinin deputatlarından başqa, alimlər, mütəxəssislər və bu sahədə məşğul olan şəxslər daxil edilə bilərlər.
Layihənin 3-cü maddəsinə əsasən, komissiya mübahisəni mükəmməl araşdırması və mahiyyəti üzrə rəy verməsi üçün dövlət hakimiyyəti və yerli özünüidarəetmə orqanlarından, o cümlədən mübahisə tərəflərindən zəruri məlumatları və sənədləri ala bilər. Lazım gəldikdə komissiya öz üzvlərindən birini və ya bir neçəsini rayon və şəhərlərə göndərmək, eləcə də mübahisə tərəflərinin yerli icra hakimiyyəti və özünüidarəetmə orqanlarının nümayəndələrini və bu sahədə məşğul olan mütəxəssisləri iclasa dəvət etmək hüququna malikdir. 
Əsasnamədən göründüyü kimi, komissiya ərazi vahidləri arasında mübahisəyə bu barədə məlumat daxil olduğu müddətdən keçən 30 gün ərzində baxır. Zərurət olduqda mübahisəyə baxılma müddəti komissiyanın qərarı ilə 30 gün də uzadıla bilər. Komissiya mübahisəyə baxandan sonra əsaslandırılmış qərar qəbul edir və 3 iş günü ərzində onu Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edir. Milli Məclis komissiyanın qərarına baxaraq müvafiq qərar qəbul edir. Qərarın icrası mübahisə tərəfləri üçün məcburidir.
Komissiyanın fəaliyyətinə rəhbərliyi və işin təşkilini komissiyanın sədri həyata keçirir. Komissiyanın katibi təşkilati məsələləri həll edir, zəruri sənədləri hazırlayır və kargüzarlıq fəaliyyəti ilə məşğul olur. Komissiyaya daxil olan bütün sənədlər, komissiyanın protokolları və digər rəylər Milli Məclisin arxivində müddətli saxlanılır.
Sədrlik edən. Çox sağ olun. Deputat Mustafayev.
F. Mustafayev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Deputatların yorulduğunu nəzərə alaraq təklif edirəm ki, qanun layihəsi mənim çıxışımdan sonra səsə qoyulsun. Burada bir neçə ciddi nöqsan var. Məsələn, 1.3-cü maddədə rəy hazırlanması əsas götürülür. Məncə, burada mübahisələrin araşdırılması əlavə olunmalıdır. Çünki deputatlar ekspert deyillər ki, rəy hazırlasınlar. Onlar, əsasən, araşdırma  ilə məşğul olurlar. 
Sədrlik edən.  Fazil müəllim, çox üzr istəyirəm, bircə dəqiqə. Sizi dinləyəcəyik. Ancaq bu Əsasnamə müəyyən prosedurları formalaşdırdığına görə mən burada mürəkkəb bir şey görmürəm. Təklif olundu ki, bu gün bunu qəbul edək. Ona görə gəlin, bunu ikinci oxunuşda əsas kimi qəbul edək, sonra müzakirələrə davam edək. Təklif edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 16.03 dəq.)
Lehinə    85
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               85
Nəticə: qəbul edildi

Təşəkkür edirəm. Sözünüzü məcburən kəsdiyimə görə Sizdən üzr istəyirəm. Davam edə bilərsiniz.
F. Mustafayev.  Çox sağ olun. 1.4-cü maddədə beynəlxalq müqavilələrə istinad edilir. Bu komissiyanın nəyə görə beynəlxalq müqavilələrə istinad edəcəyi anlaşılmazdır. Bu, Azərbaycanın daxili inzibati ərazi problemi ilə bağlı məsələdir. Ona görə də o ifadə oradan çıxarılmalı və “Milli Məclisin Daxili Nizamnaməsi“ sözləri ilə əvəz olunmalıdır.
Digər tərəfdən, şikayətlər üçün burada 1 ay müddət müəyyən olunur. Hər yerdə bu 15 gündürsə, bunu da  15 günədək qısaltmaq olar.
Burada komissiyanın işində iştiraka, məncə, QHT-lərin və icma nümayəndələrinin də cəlb olunmasını əlavə etmək vacibdir. Çünki xaricilərin də, başqa təşkilatların da ən çox tələb etdiyi məsələ təmsilçilikdə icmaların və QHT-lərin yer alması məsələsidir.
Burada müddətin uzadılması məsələsində   müddətin iki dəfə 30 gün uzadılmasını da, məncə, elə Regional məsələlər üzrə daimi komissiyaya həvalə etmək olar.
“Onun razılığı” sözləri əlavə olunmalıdır. Çünki  komissiya  özü əlavə qayda tərtib edərək özünə qayda müəyyənləşdirə bilməz. Ona görə də bu səlahiyyət komissiyaya verilsə, daha yaxşı olar.
Burada katibin kargüzarlıq fəaliyyəti ilə məşğul olmasına, məncə, ehtiyac yoxdur. Çünki deputat kargüzarlıq fəaliyyəti ilə məşğul olmur. Kargüzarlıq fəaliyyətinin bura aid edilməsi doğru deyil.
Nəhayət, bir məsələyə də toxunmaq istəyirəm. Burada göstərilib ki, tərkib 7 nəfərdən ibarət olur. Prosedura görə üzvlərin yarıdan çoxu iştirak etdikdə səsvermə səlahiyyətli sayılır. Cəmi 4 nəfər iştirak edir. Bunun ikisi səs verdisə, qərar qəbul olunur. Məncə, bu bir az ciddi səslənmir. Komissiyanın sədri ilə katibi bərabər olduqda məsələ iki səslə həll oluna bilər. Bunu da, məncə, dəyişmək lazımdır. Heç olmasa, üzvlərin  üçdə iki hissəsi iştirak etdikdə komissiya səlahiyyətli sayılmalıdır. Mənim əsas iradlarım bunlar idi. Sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Arif müəllim, nə isə demək istəyirsiniz?
A. Rəhimzadə. Burada məsələ qaldırıldı ki, rəy hazırlanması komissiyanın səlahiyyətinə aid deyil, daha doğrusu, komissiya bu işin öhdəsindən gələ bilməz. Lakin elə düşünmək lazım deyil ki, komissiya 6 nəfərdir, 6 nəfər bu məsələni həll edəcək. Biz mütəxəssisləri də dəvət edirik, alimləri də dəvət edə bilərik, Milli Məclisin nəzdində xüsusi Toponimiya komissiyası var, onları da cəlb edə bilərik və sair.
Beynəlxalq müqavilələr məsələsinə gəlincə, buna baxmaq olar, biz bir daha məsləhətləşərik. Həqiqətən, ehtiyac yoxdursa, biz onu çıxara bilərik.
Baxılma müddətinin 15 gün müəyyən edilməsi. Hesab edirəm ki, burada tələsikliyə yol vermək lazım deyil. Bu o demək deyil ki, ondan sonra bir ay gözləniləcək. Qısa müddət tələb olunsa, o müddət ərzində də məsələ həll oluna bilər.
Qeyri-hökumət təşkilatlarının əlavə edilməsi. Burada yazılıbdır, mütəxəssislər cəlb olunur, alimlər  cəlb olunur. Əlbəttə, QHT-lər də cəlb oluna bilər. Ancaq mən hesab etmirəm ki, bu komissiyanı çox şişirtmək lazımdır, ajiotaj yaratmaq lazımdır. Burada elə bir məsələ yoxdur ki, qeyri-hökumət təşkilatlarının da mövqeyi tələb olunsun. Ələlxüsus ona görə ki, bu məsələlərə baxılarkən xüsusi  komissiyada mütləq maraqlı rayonların nümayəndələri, deputatları iştirak edəcəklər. Mən hesab edirəm, bununla kifayətlənmək olar.
Katibliyin kargüzarlıq fəaliyyəti dedikdə bu heç də o demək deyil ki, katib protokol yazacaqdır. Ancaq o, protokolların yazılmasına, onun aparılmasına və sair cavabdeh olacaqdır. Odur ki, mən düşünmürəm, bunu buradan çıxarmaq lazımdır.
Fikir səsləndi ki, 7 nəfər azdır, üçdə iki edək. Əslində, üçdə iki o deməkdir ki, 4 nəfər olacaqdır. 4 nəfər arasında səslər bərabər bölündükdə isə sədrin səsi üstünlük təşkil etdiyi üçün  qərar qəbul oluna bilər. Hər halda bu qanunda apellyasiya qaydasında müraciət etmək hüququ da təsbit olunub. Narazılıq olsa, rayon rəhbərlərinin Milli Məclisə də müraciət etmək imkanları var.
Mən hesab edirəm ki, bu, balanslaşdırılmış əsasnamədir və buna səs vermək olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Maddə-maddə səs verməyə ehtiyac varmı? Bəlkə  Əsasnamə olduğuna görə bütövlükdə səs verək. Bütövlükdə səs verməyə razısınız? Bu Əsasnaməni bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri   (saat 16.09 dəq.)
Lehinə    85
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       0
İştirak edir               85
Nəticə: qəbul edildi

Qəbul edildi. Təklif edirəm ki, üçüncü oxunuşda səs verək. Başqa təklif varsa, buyurun. Yoxdur. Ona görə üçüncü oxunuşda qəbul edilməsinə, xahiş edirəm, səs verin.

Səsvermənin nəticələri   (saat 16.10 dəq.)
Lehinə    84
Əleyhinə                 0
Bitərəf       0
Səs vermədi       1
İştirak edir               85
Nəticə: qəbul edildi

Qəbul edildi.
Nizamnaməyə uyğun olaraq  mənim çıxışımı da dinləməlisiniz. İcazə verin, keçim çıxışıma.
Hörmətli deputatlar! Azərbaycan Respublikasının Milli Məclisi 2006-cı ilin yaz sessiyasını başa vurur. Ötən dövrdə parlament ümummilli liderimiz Heydər Əliyevin müəyyənləşdirdiyi strateji inkişaf xəttini uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən daxili və xarici siyasətini fəal surətdə dəstəkləmişdir.
Bu sessiyada Milli Məclisin 14 iclası keçirilmiş, iş planında nəzərdə tutulan, habelə qanunvericilik təşəbbüsü qaydasında təqdim edilən 68 qanun və qərar geniş və ətraflı müzakirələrdən sonra qəbul edilmişdir. Bir sıra qanun layihələrinə birinci və ikinci oxunuşlarda münasibət bildirilmişdir. Milli Məclis Konstitusiya ilə nəzərdə tutulan qanunvericilik səlahiyyətlərini yerinə yetirərək, ölkəmizin tərəqqisi, xalqımızın rifah halının yaxşılaşdırılması naminə görülən quruculuq işlərinin hüquqi təminatını daha da möhkəmləndirmiş və təkmilləşdirmişdir. 
Sessiyada Milli Məclis iki Konstitusiya Qanununu birinci səsvermədə qəbul etmişdir. Bunlar “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” və “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Konstitusiya qanunlarıdır.
Yaz sessiyasında bir sıra digər mühüm qanunlar, o cümlədən “Fitosanitar nəzarəti haqqında”, “Azərbaycan Respublikası əhalisinin dövlət reyestri haqqında”, “Azərbaycan Respublikasının 2005-ci il dövlət büdcəsinin icrası haqqında”, “Onkoloji yardım haqqında”,  “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” və digər qanunlar qəbul edilmişdir. Bir sıra qanunvericilik aktlarına, o cümlədən Əmək Məcəlləsinə və Mülki Məcəlləyə dəyişikliklər və əlavələr edilmişdir.
Ölkəmizdə insan hüquqlarının həyata keçirilməsi üçün təminatları daha da möhkəmləndirməyə yönəldilən qanunvericilik tədbirləri davam etdirilmişdir. Bu sessiyada parlament “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14 saylı Protokolunun təsdiq edilməsi barədə” mühüm bir Qanun qəbul etmişdir. 
Azərbaycan Respublikasının bir sıra beynəlxalq aktlarda iştirakına parlament tərəfindən xeyir-dua verilmişdir. Bunlar “Xəzər dənizinin dəniz ətraf mühitinin mühafizəsi haqqında” Çərçivə Konvensiyası, “Beynəlxalq dəniz gəmiçiliyinin asanlaşdırılması haqqında” Konvensiya, “Xilasetmə haqqında” Beynəlxalq Konvensiya, “Dənizçilərin şəxsiyyət sənədləri haqqında” 185 nömrəli Konvensiya,  “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin ərazisində Mütəşəkkil cinayətkarlıq və digər təhlükəli cinayət növləri ilə mübarizənin əlaqələndirilməsi üzrə Büronun tərkibində Mərkəzi Asiya regionunda narkotiklərin və prekursorların qanunsuz dövriyyəsi ilə mübarizənin əlaqələndirilməsi üzrə struktur bölməsinin və onun regional əməliyyat qrupunun yaradılması haqqında” qərar, “Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlər arasında insan alverinə, insan orqanları və toxumalarının qanunsuz ticarətinə qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında” Sazişdir.  
Ölkə iqtisadiyyatına xarici investisiyaların cəlb olunmasına yönəldilən bir sıra beynəlxalq sənədlər, o cümlədən Azərbaycan Respublikası ilə Asiya İnkişaf Bankı arasında Şəhər su təchizatı və kanalizasiya layihəsi üzrə kredit haqqında sazişlər, Azərbaycan Respublikasını təmsil edən Maliyyə Nazirliyi və Kreditanştalt für Videraufbau, Frankfurt am Mayn (“KfW”)  arasında Cənubi Qafqaz üçün Ekoregional Təbiəti Mühafizə Proqramı çərçivəsində “Samur-Yalama Milli Parkının yaradılması” layihəsi üzrə Maliyyələşdirmə Müqaviləsi”, həmin Müqaviləyə dair Xüsusi Razılaşma və digər sazişlər təsdiq edilmişdir. 
Azərbaycan Respublikası ilə Finlandiya Respublikası, Latviya Respublikası, Çexiya Respublikası, İran İslam Respublikası arasında dövlətlərarası və hökumətlərarası sazişlərin təsdiq edilməsinə dair qanunlar qəbul olunmuşdur.
Hörmətli deputatlar! Özünün konstitusion vəzifələrini yerinə yetirərək, Milli Məclis yaz sessiyasının beşinci iclasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin hesabatını dinləmişdir. Hökumətin ötən ilki fəaliyyətinə dair məruzə parlamentə təqdim edilmişdir. İclasda qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyası dövlətimizə və xalqımıza yeni böyük uğurlar gətirmişdir. On il bundan əvvəl ulu öndərimiz Heydər Əliyevin səyləri ilə yaradılmış inkişaf dinamikası nəinki qorunub saxlanılmış, həm də misilsiz vüsət almışdır. Ölkə iqtisadiyyatının inkişafını səciyyələndirən əsas göstərici – ümumi daxili məhsul ötən il 26,4 faiz artmışdır. İqtisadi artım sürətinə görə Azərbaycan dünyanın bütün ölkələrini geridə qoymuşdur. Deputatların çıxışlarında Nazirlər Kabinetinin işinin daha da təkmilləşməsinə yönələn bir sıra konstruktiv təkliflər və tövsiyələr səslənmişdir.
Milli Məclisin iclaslarında həmçinin Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (ombudsmanın) illik məruzəsinə, Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsinə baxılmış və müvafiq qərarlar qəbul edilmişdir.
Parlamentimiz Konstitusiya ilə nəzərdə tutulan digər səlahiyyətlərini də yerinə yetirərək, “Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında” qərar qəbul etmişdir.
Hörmətli deputatlar! Sessiya dövründə parlamentimizin beynəlxalq əlaqələrinin inkişafı sahəsində mühüm işlər görülmüş, üzv olduğumuz beynəlxalq təşkilatlarda iştirakımız davam etdirilmişdir. Ötən dövrdə Milli Məclisin nümayəndə heyətləri Amerika Birləşmiş Ştatlarında, Rusiya Federasiyasında, Almaniyada, Fransada, Belçikada, Türkiyədə, Macarıstanda, Rumıniyada, Bolqarıstanda, Serbiya və Çernoqoriyada, Misir Ərəb Respublikasında və digər ölkələrdə  işgüzar səfərlərdə olmuşlar.
Deputatlarımız Belarusda keçirilmiş Prezident seçkilərini, Ukraynada keçirilmiş parlament seçkilərini müşahidə etmişlər.                                                                                                                                                                                                                                                                                                             
Bu il aprel ayının sonlarında Milli Məclisin Sədri hörmətli Oqtay Əsədovun başçılıq etdiyi parlament nümayəndə heyəti Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində olmuşdur. Nümayəndə heyəti Rusiya Dövlət Dumasının təsis olunmasının 100 illiyi münasibəti ilə yubiley tədbirlərində, “Avropa parlamentarizmi: tarix və müasirlik” mövzusunda beynəlxalq konfransda və MDB Parlamentlərarası Assambleyası Şurasının iclasında iştirak etmişdir.
Aprelin 27-də Tavriya sarayında Dövlət Dumasının təntənəli iclasında Milli Məclisin Sədri Oqtay Əsədov çıxış etmişdir. O, birinci Dövlət Dumasının fəaliyyətində azərbaycanlı deputatların iştirakından danışaraq yada salmışdır ki, ilk Dumaya Azərbaycanın Bakı, Gəncə və İrəvan quberniyalarından 6 deputat seçilmiş və Dumada Əlimərdan bəy Topçubaşovun sədrliyi ilə 36 deputatdan ibarət müsəlman fraksiyası yaradılmışdı.
Dövlət Dumasının 100 illiyi münasibəti ilə yubiley tədbirləri sırasına MDB Parlamentlərarası Assambleyası Şurasının iclası da daxil idi. İclasda MDB üzvü olan dövlətlərin parlamentləri üçün əhəmiyyət daşıyan bir sıra məsələlər müzakirə olunmuşdur. Milli Məclisin Sədri cənab Oqtay Əsədov Assambleyanın “Sodrujestvo” ordeni ilə təltif edilmişdir. 
Səfərin gedişində Rusiya Federal Məclisi Dövlət Dumasının Sədri Boris Qrızlov, Federasiya Şurasının Sədri Sergey Mironov, habelə Avropa Şurası Parlament Assambleyasının Sədri Rene Van der Linden, Gürcüstan Parlamentinin Sədri Nino Burcanadze ilə və digər rəsmi şəxslərlə görüşlər keçirilmişdir. Görüşlərdə parlamentlərarası əməkdaşlığın inkişaf etdirilməsi və genişləndirilməsi məsələlərinə dair faydalı müzakirələr aparılmışdır. 
Xarici ölkə parlamentlərinin, beynəlxalq təşkilatların Azərbaycana gələn nümayəndələri ilə parlamentdə maraqlı görüşlər keçirilmişdir. Sessiya dövründə Türkiyə Cümhuriyyətinin Prezidenti Əhməd Necdət Sezər, İtaliyanın ədliyyə naziri Roberto Kastelli, Vatikanın dövlətlərlə əlaqələr üzrə dövlət katibi, arxiyepiskop Covanni Layolon, Avstriya Xarici İşlər Nazirliyinin dövlət katibi Hans Vinkler, Rumıniyanın milli müdafiə naziri Teodor Atanasiu, Polşanın iqtisadiyyat naziri Pyotr Voznyak, NATO Baş katibinin Cənubi Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi Robert Simmons, Avropa Şurasının İnsan hüquqları üzrə komissarı Tomas Hammerberq, Avropa Şurası Parlament Assambleyası Baş katibinin siyasi məsələlər üzrə müşaviri Nikolay Plamen, AŞPA-nın Monitorinq komitəsinin üzvü, Hüquqi məsələlər və insan hüquqları komissiyası sədrinin müavini Eduard Lintner, ATƏT-in Parlament Assambleyası Sədrinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarker, Çexiya Parlamentinin deputatı, Avropa Parlamentinin üzvü Jan Brezina, Pakistan Senatının İnsan hüquqları daimi komitəsinin sədri Seyid Məhəmməd Zəfər, Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Peter Semnebey, AŞPA-nın Avropa Solları Qrupu missiyasının rəhbəri Leo Platvoyet, LİNKS təşkilatının icraçı direktoru Dennis Sammut, Ukrayna Hesablama Palatasının sədri Valentin Simonenko  və digər şəxslər ilə Milli Məclisdə səmərəli fikir mübadiləsi aparılmışdır.
Hörmətli deputatlar! Milli Məclis 2006-cı ilin yaz sessiyasını uğurla başa çatdırır. Bununla əlaqədar parlamentin rəhbərliyi adından mən sizə − hörmətli millət vəkillərinə səmərəli iş üçün minnətdarlığımı bildirirəm. Hamınıza möhkəm can sağlığı, mənalı istirahət arzulayıram!
Milli Məclisin 2006-cı il yaz sessiyasını bağlı elan edirəm.
 (Azərbaycan Respublikasının Dövlət himni səslənir.)

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi