2006-ci il 2 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ
                                                                          
PROTOKOLU  №  21

Milli  Məclisin  iclas  salonu.
2  oktyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O.Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 118 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti.
R. Mehdiyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri.
Z. Nağdəliyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri.
F. Ələsgərov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinin müdiri.
Ş. Əliyev, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinin müdiri.
Ə. Həsənov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İctimai-siyasi məsələlər şöbəsinin müdiri.

* * *

N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
C. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
N. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
V. Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
A. Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
M. Pənahov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri.
S. Qasımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası sədrinin müavini.
N. Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının katibi.
F. Cavadov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
T. Həsənov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
R. İbrahimov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
R. İsmayılov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
V. Kazımova, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
İ. Məmmədov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
N. Nadirov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
Q. Orucov, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.
A. Tağıyev, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının üzvü.

* * *

Turan Moralı, Türkiyə Respublikasının səfiri.
Amodrik De Şafo, Fransa Respublikasının səfiri.
Əfşar Süleymani, İran İslam Respublikasının səfiri.
Vasili İstratov, Rusiya Federasiyasının səfiri.
Ann Ders, Amerika Birləşmiş Ştatlarının səfiri.
Per Kristofer Stançina, Almaniya Federativ Respublikasının səfiri.
Cjan Xayçjou, Çin Xalq Respublikasının səfiri.
Ərşad Ömər İsmayıl, İraq Respublikasının səfiri.
Məhəmməd Nadim Xan, Pakistan İslam Respublikasının səfiri.
Yusif Əhməd İbrahim əl-Şarkavi, Misir Ərəb Respublikasının səfiri.
Temistokles Dimidis, Yunanıstan Respublikasının səfiri.
Andar Şukputov, Qazaxıstan Respublikasının səfiri.
Zurab Qumberidze, Gürcüstan Respublikasının səfiri.
Şükri Ben-Hamidə, Liviya Cəmahiriyyəsi Xalq Bürosunun müvəqqəti işlər vəkili.
Stepan Volkovetski, Ukraynanın səfiri.
Cianluici Maşa, İtaliya Respublikasının səfiri.
İsmatulla İrqaşev, Özbəkistan Respublikasının səfiri.
Steynar Gil, Norveç Krallığının səfiri.
Kşiştov Krayevski, Polşa Respublikasının səfiri.
Nikolaye Ureke, Rumıniyanın səfiri.
Əli Həsən Əhməd Cəffər, Səudiyyə Ərəbistanı Krallığının səfiri.
İvan Palçev, Bolqarıstan Respublikasının səfiri.
Tadahiro Abe, Yaponiyanın səfiri.
İon Rob, Moldova Respublikasının səfiri.
Nikolay Paskeviç, Belarus Respublikasının səfiri.
Kvang Çul Lyu, Koreya Respublikasının səfiri.
Maurisio Pavesi, ATƏT-in Bakı ofisinin başçısı.
Denis Bribosia, Avropa Şurası Baş katibliyinin xüsusi nümayəndəsi.
Alan Vaddams, Avropa Komissiyasının xüsusi elçisi.
Marko Borsotti, Birləşmiş Millətlər Təşkilatının nümayəndəliyinin rezident-əlaqələndiricisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında.
2. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında.
3. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında.
4. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında (ikinci səsvermə).
5. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə (ikinci səsvermə).
6. Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi haqqında.
7. Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi haqqında.
8. Azərbaycan Respublikasının Litva Respublikasında (Vilnüs şəhərində) səfirliyinin təsis edilməsi haqqında.
9. Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) səfirliyinin təsis edilməsi haqqında.
10. Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin təsis edilməsi haqqında.
11. YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə.
12. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” Müqavilənin təsdiq edilməsi barədə.
13. Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında.
14. “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə.
15. “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
16. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2004-2005-ci illər üzrə) təsdiq edilməsi barədə.
17. “Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə.
18. “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşulmaq barəsində.
19. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barəsində.
20. “Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə.
21. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə.
22. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə.
23. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi barədə.
24. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə.
25. Azərbaycan Respublikasının Abşeron və Bakı şəhərinin Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında.
26. Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
2. “Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
3. “Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.
4. “Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu. 
5. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
6. “Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Azərbaycan Respublikasının Litva Respublikasında (Vilnüs şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
9. “Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin təsis edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında” Müqavilənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Azərbaycan Respublikasının Prezidenti İ.H.Əliyevin və Rusiya Federasiyasının Prezidenti V.V.Putinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
14. “Azərbaycan Respublikası və Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
15. “Azərbaycan Respublikası Hökuməti və Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
16. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2004-2005-ci illər üzrə) təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
17. “Azərbaycan Respublikası və Lüksemburq Böyük Hersoqluğu arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında” Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
18. “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
19. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barəsində” Azərbaycan Respublikasının Qanunu.
20. “Azərbaycan Respublikası Hökuməti və Moldova Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
21. “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
22. “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
23. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
24. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
25. “Azərbaycan Respublikasının Abşeron və Bakı şəhərinin Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
26. “Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.


 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                              O. ƏSƏDOV
 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

2 oktyabr 2006-cı il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Milli Məclisin 2006-cı il payız sessiyasını açıq elan edirəm.
(Azərbaycan Respublikasının Dövlət himni səslənir.)
Möhtərəm cənab Prezident!
Hörmətli deputatlar!
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevi Milli Məclisdə ürəkdən salamlayırıq! (Alqışlar.)
Dövlət başçısının parlamentə göstərdiyi daimi diqqət və qayğı ölkəmizdə qanunvericilik fəaliyyətinin inkişafında və təkmilləşməsində mühüm rol oynayır. Azərbaycanda həyata keçirilən müasir idarəçilik sistemi, xalqın mənafelərinə xidmət edən daxili və xarici siyasət ölkəmizin qüdrətli bir dövlətə çevrilməsinə əminlik yaradır. Nəhəng potensialını xalqın mənafeləri naminə inkişaf etdirən Azərbaycan gələcəyə inamla baxan, gözəl perspektivləri olan bir dövlətdir. Həyatımızın elə bir sahəsi yoxdur ki, orada dirçəliş, yenilik və quruculuq işləri aparılmasın.
Bu nümunələrdən biri bu gün payız sessiyasının ilk iclasını keçirdiyimiz, müasir standartlara uyğun plenar iclas salonudur. Gördüyünüz kimi, parlamentin binasında əsaslı təmir və yenidənqurma işləri aparılmışdır. Əlbəttə, dövlət başçısının böyük dəstəyi və köməyi olmasaydı, Milli Məclisdə bu işləri yüksək keyfiyyətlə və belə qısa zamanda həyata keçirə bilməzdik.
Biz bilirik ki, möhtərəm Prezidentimiz bütün sahələrdə görülən işlərə necə yüksək tələbkarlıqla yanaşır. Milli Məclisdə görülən işlərə münasibətdə də cənab Prezident həmin yüksək tələbləri irəli sürmüş, parlamentin binasında həyata keçirilən yenidənqurma işləri ilə bağlı hələ layihə mərhələsində dəyərli təklif və tövsiyələrini söyləmişdi. Biz də öz tərəfimizdən çalışmışıq ki, bu təklif və tövsiyələri layiqincə yerinə yetirək. Parlamentdə millət vəkillərinin iş şəraitinin yaxşılaşması qanunvericilik fəaliyyətinin keyfiyyətinin yüksəlməsinə də kömək göstərəcəkdir.
Cənab Prezident! Milli Məclis Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın gözəl gələcəyi naminə öhdəsinə düşən bütün vəzifələri layiqincə yerinə yetirəcəkdir. (Alqışlar.)
İndi isə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə söz verilir. Buyurun, cənab Prezident.

AZƏRBAYCAN  RESPUBLİKASININ  PREZİDENTİ
CƏNAB  İLHAM  ƏLİYEVİN  NİTQİ

Hörmətli Sədr, hörmətli deputatlar!
Hörmətli xanımlar və cənablar!
Hörmətli qonaqlar!
Bu gün çox gözəl və əlamətdar bir gündür. Həm Milli Məclis öz işinə başlayır, eyni zamanda, Milli Məclisin binası tam yeni görkəm almışdır. Həm xarici görünüşü, həm də daxili interyeri ən yüksək standartlara cavab verir. Burada deputatlar üçün çox gözəl iş şəraiti yaradılmışdır. Qısa bir müddət ərzində çox əsaslı təmir işləri aparılmışdır. Bu gün bu gözəl salonda işləmək, əlbəttə, çox rahatdır və əminəm ki, deputatlarımız üçün çox uğurlu olacaqdır. İndi Azərbaycanda gedən abadlıq, quruculuq işləri bütün sahələri əhatə edir, binalar abadlaşır, yeni xiyabanlar salınır, inzibati binalar təmir olunur. Biz hamımız istəyirik ki, təmir olunmuş bütün binalar ən yüksək standartlara cavab versin. Əminəm ki, Milli Məclisin fəaliyyəti Azərbaycanın hərtərəfli inkişafı üçün öz töhfəsini verəcək və iş şəraitinin yaxşı olması, Milli Məclis binasının yeni, müasir avadanlıqla təchiz olunması, əlbəttə ki, işin səmərəliyini də artıracaqdır.
Parlament seçkilərindən artıq bir il keçibdir və demək olar ki, yeni seçilmiş Milli Məclis Azərbaycanın inkişafında çox mühüm rol oynayır. Yeni qanunlar qəbul olunur, Milli Məclisin beynəlxalq fəaliyyəti möhkəmlənir və deputatların seçicilərlə görüşləri çox mütəmadi xarakter alır. Bu, çox önəmlidir, çünki seçicilərin qayğıları, onların arzuları ilk növbədə yerinə yetirilməlidir. Bu baxımdan Milli Məclis üzvlərinin fəaliyyətindən çox şey asılıdır. Bütün görülən işlər, ölkədə gedən inkişaf meyilləri bir məqsədə qulluq edir: Azərbaycanı hərtərəfli inkişaf etdirmək, zəngin, qüdrətli dövlətə çevirmək, sosial ədalət prinsiplərini tam şəkildə bərqərar etmək və ölkəmizi müasirləşdirmək.
Siz tez-tez bölgələrdə olursunuz, seçicilərlə görüşürsünüz və onların əhval-ruhiyyəsini yaxşı bilirsiniz. Biz də bunu bilirik. Biz birlikdə çalışmalıyıq, mövcud olan nöqsanları da birlikdə aradan qaldırmalıyıq, öz diqqətimizi çatışmayan cəhətlərə yönəltməliyik ki, Azərbaycanda bir dənə də problem qalmasın. Bunu etmək mümkündür. Azərbaycanda hökm sürən ictimai-siyasi vəziyyət, iqtidarla xalq arasında inam, Milli Məclisin uğurlu fəaliyyəti - bütün bunlar bizim qısamüddətli və uzunmüddətli inkişaf strategiyamızı müəyyən edir.
Parlamentin Azərbaycan cəmiyyətindəki rolu artır, artmalıdır və bu da təbiidir. Bu, bir Prezident kimi məni çox sevindirir. Çünki parlamentin üzərinə düşən vəzifələr yerinə yetirilərsə, əlbəttə, cəmiyyətimizin hərtərəfli inkişafı təmin olunar. Biz Azərbaycanda hüquqi dövlət qururuq. Qanunun aliliyi tam şəkildə bərqərar olmalıdır. Azərbaycan dünya birliyinə daha da sürətlə inteqrasiya etməlidir və ölkəmizin bütün sahələrində çox ciddi islahatlar davam etdirilməlidir. Çox sevindirici haldır ki, ölkəmizdə həm iqtisadi, həm də siyasi islahatlar paralel şəkildə aparılır və bu islahatların gözəl nəticələri var. Bu işlərdə Milli Məclisin üzərinə düşən vəzifəsi var və əminəm ki, sizin səmərəli fəaliyyətiniz ölkəmizin hərtərəfli inkişafı, möhkəmlənməsi işində mühüm rol oynayacaqdır.
Bir daha demək istəyirəm ki, son parlament seçkilərindən bir il vaxt keçir, bu bir il ərzində Azərbaycan öz mövqelərini daha da möhkəmləndirə bilmişdir. Bir il ərzində ölkəmizdə gedən proseslər müsbət istiqamətdə inkişaf etmişdir. İstər xarici siyasətdə, istər daxili siyasətdə, istərsə də iqtisadi inkişaf baxımından - bütün sahələrdə. Parlament seçkilərinin uğurla keçirilməsi, Azərbaycan xalqının iradəsinin təntənəsi, əlbəttə, ölkəmiz qarşısında yeni imkanlar açır, yeni üfüqlər açır. Parlament seçkiləri yeni bir dövrün başlanğıcıdır. Azərbaycanın müasir tarixində bir neçə dövrlər olmuşdur. 1991-1993-cü illəri biz yaxşı xatırlayırıq. O dövr Azərbaycan üçün məğlubiyyət dövrü kimi yadda qaldı. O dövr Azərbaycana böyük çətinliklər gətirdi, ölkəmiz böyük problemlərlə üzləşdi və əfsuslar olsun ki, həmin problemlərin bir hissəsi bu günə qədər də bizim üçün aktualdır.
1993-2003-cü illər ərzində Azərbaycanda sabitlik və inkişaf dövrü yaşandı. Azərbaycan Prezidenti Heydər Əliyevin rəhbərliyi altında ölkəmiz çətin böhran vəziyyətindən uğurla çıxa bilmişdir. Beynəlxalq aləmdə özünə layiq yerini tuta bilmişdir. Ölkə daxilində islahatların aparılması üçün gözəl şərait yaradılmışdır. Bütövlükdə vəziyyət sabitləşmişdir. Nəzərə alsaq ki, 1993-cü ildə bizim müstəqilliyimiz artıq sual altında idi, Azərbaycanın müstəqilliyi çox böyük dərəcədə möhkəmlənmişdir.
İndi isə yeni dövr başlayır. Bu dövr Azərbaycanın gələcək inkişaf perspektivlərini müəyyən edəcək, uzunmüddətli inkişafımız bu dövrün uğurlu olmasından asılıdır. Parlament seçkilərinin uğurla keçirilməsi və seçkilərdən sonra ölkəmizin güclənməsi, əlbəttə, Azərbaycan üçün yeni imkanlar yaradır. Biz çalışırıq ki, bütün sahələrdə öz fəaliyyətimizi proqram şəklində quraq. İstər xarici siyasət məsələlərində, istərsə də daxili siyasət məsələlərində. Azərbaycanı narahat edən bütün problemlər diqqət mərkəzindədir. Regionların sosial-iqtisadi inkişafı proqramı uğurla icra edilir. Siz bölgələrdə tez-tez olursunuz, yəqin, özünüz də görürsünüz ki, bizim rayonlarımızın siması dəyişir. Yeni binalar, məktəblər, xəstəxanalar, idman qurğuları, sənaye müəssisələri tikilir, sahibkarlıq inkişaf edir. Miqrasiya, yəni rayonlardan şəhərə miqrasiya meyilləri azalır və ümid edirəm, vaxt gələcək ki, bu, tam dayanacaqdır və bəlkə də şəhərdən rayonlara miqrasiya başlana bilər.
İqtisadi potensialımız artır. Bunu həm makroiqtisadi göstəricilər, həm də insanlarımızın gündəlik həyatı və ölkəmizin gündəlik həyatı sübut edir. Makroiqtisadi göstəricilər bəlkə də adi vətəndaşlar üçün o qədər də vacib məsələ deyildir. Ancaq əgər bizim iqtisadiyyatımız 30 faiz artmasa, əlbəttə ki, bütün problemləri həll etmək çətin olacaqdır. Büdcəmiz artır. Qısa müddət ərzində Azərbaycanın dövlət büdcəsi bir neçə dəfə artmışdır. Bəziləri deyir ki, bu, neftin hesabına olubdur. Ancaq siz – Milli Məclisin deputatları bunu yaxşı bilirsiniz.
Əlbəttə, neft amilinin Azərbaycanın iqtisadiyyatında böyük əhəmiyyəti var. Amma Azərbaycanda qeyri-neft sektoru da sürətlə artır. İndi bizim əsas diqqətimiz məhz bu sahəyə yönəldilibdir. Neftdən əldə olunan gəlirləri qeyri-neft sektoruna yönəltmək, insan kapitalına çevirmək, humanitar məsələlərin həllinə yönəltmək ki, Azərbaycan hərtərəfli inkişaf etsin və gələcəkdə neft amilindən asılı olmasın, yaxud da bu asılılıq aşağı düşsün. Büdcənin artımı öz növbəsində ölkə qarşısında duran bütün problemlərin, iqtisadi problemlərin həlli üçün gözəl imkanlar yaradır. 2007-ci ilin büdcə layihəsi, yəqin ki, tezliklə Milli Məclisə göndəriləcəkdir. Büdcə qəbul ediləndən sonra 2007-ci ildə çox böyük işlər görmək mümkün olacaqdır.
Azərbaycanda əsas infrastruktur layihələri 2007-2008-ci illərdə başa çatmalıdır. Elektrik stansiyalarının tikintisi, yolların, qaz xətlərinin, su kəmərlərinin, məktəb və xəstəxanaların tikintisi – bütün bunlar 2007-2008-ci illərdə başa çatmalıdır. Beləliklə, 2003-cü ildən 2008-ci ilə qədər nəzərdə tutulan bütün məsələlər öz həllini tapmalıdır. Bizim bu sahədə siyasətimiz çox açıqdır, aydındır. Prezident kimi mən çox istəyirəm ki, biz qısa müddət ərzində bütün o məqsədlərə çataq. Bunu etmək üçün bütün imkanlar var. Bir daha deyirəm, iqtisadi potensial bizə imkan verir, əlbəttə, ölkədə hökm sürən çox müsbət ictimai-siyasi mühit də öz tərəfindən buna imkan yaradır. Azərbaycanın beynəlxalq mövqelərinin möhkəmlənməsi ölkəmizdə və kənardan mövcud olan risklərin azaldılmasına gətirib çıxarır. Bu da bizim siyasətimizin əsas istiqamətlərindən biridir. Biz ölkəmizi qorumalıyıq, riskləri azaltmalıyıq, öz siyasətimizlə Azərbaycanda və Azərbaycanın ətrafında əməkdaşlıq məkanı yaratmalıyıq. Yalnız belə olan təqdirdə ölkəmiz sürətlə inkişaf edə bilər, biz öz istədiyimizə nail ola bilərik.
Bundan sonrakı dövr ərzində Azərbaycanda hüquqi dövlət quruculuğu davam etdirilməlidir. Demokratikləşmə prosesləri daha da sürətlə aparılmalıdır. Bizi çox gözəl gələcək gözləyir. Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış və uğurla icra olunan Azərbaycanın neft strategiyası öz bəhrələrini verməkdədir. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikintisi tarixi nailiyyətdir. Bu kəmərin tikintisi Azərbaycanın uzunmüddətli iqtisadi strategiyasını müəyyən edəcəkdir. Belə olan halda ölkəmizdə siyasi islahatların aparılması ön plana çıxmalıdır. Çünki çox güclü iqtisadi potensial, ölkəmizə böyük maliyyə axınları, əlbəttə, iqtisadi cəhətdən ölkəmizi gücləndirəcəkdir. Digər tərəfdən, böyük valyuta axınlarına çox ciddi nəzarət olmalıdır. Əlbəttə, həm dövlət, hökumət, Milli Məclis tərəfindən, digər tərəfdən isə ictimaiyyət tərəfindən. Çünki əgər ciddi ictimai nəzarət olmasa, onda bizim nəzərdə tutduğumuz proqramlar çətinliklərlə üzləşə bilər. Ona görə vətəndaş cəmiyyətinin yaradılması və möhkəmlənməsi, demokratikləşmə prosesinin möhkəmlənməsi, hüquqi dövlətin qurulması, sadəcə olaraq, bir şüar, yaxud da bir niyyət deyil, Azərbaycanın hərtərəfli inkişafı üçün başlıca şərtdir.
Bizim təcrübəmiz onu göstərir ki, Azərbaycanın seçdiyi yol düzgün yoldur. İqtisadi, siyasi və sosial islahatların paralel şəkildə aparılması Azərbaycanı hərtərəfli inkişaf etdirir və ölkəmiz üçün çox lazım olan sabitliyi möhkəmləndirir, ictimai-siyasi vəziyyətə də müsbət təsir göstərir. Ona görə siyasi və iqtisadi islahatların davam etdirilməsi zəmanənin tələbidir. Əgər biz, doğrudan da, müasir, güclü ölkə yaratmaq istəyiriksə, bunu etməliyik. Bu işdə həm dövlətin üzərinə böyük vəzifələr düşür, eyni zamanda, Milli Məclisin üzərinə də böyük məsuliyyət düşür. Biz birlikdə buna nail olmalıyıq.
Mən hesab edirəm ki, 2008-ci ilə qədər Azərbaycanın qarşısında duran əsas siyasi və iqtisadi, o cümlədən sosial məsələlər öz həllini tapacaqdır. Çünki bir daha demək istəyirəm ki, biz fəaliyyətimizi çox konkret proqramlar əsasında qururuq. Mən artıq qeyd etdim ki, regionların sosial-iqtisadi inkişafı proqramı bölgələrdə həyat səviyyəsinin yaxşılaşmasına, yeni müəssisələrin yaradılmasına, iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Bildiyiniz kimi, artıq 450 minə qədər yeni iş yeri açılıbdır. Makroiqtisadi sabitlik və iqtisadi siyasətimizin bu istiqaməti ölkəmizdə xoşagəlməz halların qabaqlanmasına gətirib çıxaracaqdır.
Bildiyiniz kimi, hər bir ölkədə əgər birdən-birə çox böyük iqtisadi imkanlar yaranırsa, deməli, inflyasiya riskləri də artır. Ona görə bizim makroiqtisadi siyasətimiz elə olmalıdır ki, bir tərəfdən, ölkəmiz qarşısında duran vəzifələr icra olunsun, digər tərəfdən, makroiqtisadi sabitlik pozulmasın. Bu, çox ciddi məsələdir. Bəlkə də Azərbaycanın müasir tarixində ilk dəfədir ki, biz bu problemlə üzləşirik. Çünki bundan əvvəlki illərdə həmişə biz çalışırdıq ki, yeni maliyyə mənbələrini aşkar edək, maliyyə intizamını möhkəmləndirək və əlavə gəlir mənbəyi axtaraq. İndi isə neft strategiyamızın icrası nəticəsində Azərbaycana çox böyük həcmdə valyuta ehtiyatları gələcək və o, makroiqtisadi vəziyyətə mənfi təsir göstərə bilər. Bu da çox önəmli məsələdir.
İnfrastruktur layihələrinin həyata keçirilməsi sistemli xarakter almışdır. Biz bütün əsas infrastruktur layihələrini 2008-ci ilə qədər başa çatdırmalıyıq. Çünki bu sahədə böyük işlər görülməlidir. Uzun illər maliyyə çətinlikləri ilə üzləşərək, bu sahəyə kifayət qədər vəsait ayrılmamışdır. Bu illərdə və növbəti illərdə bu sahəyə böyük vəsait ayrılmalıdır. Məktəb tikintisi - son iki il ərzində Azərbaycanda 600 məktəb tikilibdir, hamısı da çox müasir. Xəstəxanaların, sosial obyektlərin tikintisi. Ekoloji proqram qəbul edilibdir. Biz çox zəngin ölkəyə çevriləcəyik. Amma əgər ekoloji vəziyyət yaxşı olmasa, bizim insanlarımız böyük çətinliklərlə üzləşə bilərlər və onların sağlamlığına çox böyük zərər dəyə bilər. Yəni bütün bu sahələrdə 2008-ci ilə qədər əsas problemlər, məsələlər öz həllini tapmalıdır, Azərbaycan öz mövqelərini daha da möhkəmləndirməlidir.
Beynəlxalq aləmdə bizim siyasətimiz uğurludur. Siyasətin uğurlu olması onu göstərir ki, bütün beynəlxalq təşkilatlarda bizim fəaliyyətimiz, eyni zamanda, ikitərəfli müstəvidə müxtəlif ölkələrlə əlaqələrimiz Azərbaycan xalqının maraqlarına cavab verir. Burada ilk yerdə Azərbaycan xalqının və dövlətinin maraqları dayanır. Biz bu maraqları maksimum dərəcədə qoruyuruq. Bizim ikitərəfli münasibətlərimiz ölkəmizi daha da möhkəmləndirir. Beynəlxalq təşkilatlarda, habelə regional təşkilatlarda Azərbaycanın rolu artır. Regionda gedən işlərdə Azərbaycan artıq həlledici sözə malik olur və bir çox hallarda biz region üçün çox önəmli layihələrin təşəbbüskarı və iştirakçısıyıq. Azərbaycanın iştirakı, bizim razılığımız olmadan artıq heç bir regional layihə mümkün deyildir.
Əlbəttə ki, ölkəmizin beynəlxalq mövqeləri möhkəmlənir. Bizim beynəlxalq təşkilatlarla çox səmərəli əməkdaşlığımız var. Azərbaycanda bir neçə mötəbər beynəlxalq tədbir də keçirilmişdir. Üzv olduğumuz bütün beynəlxalq təşkilatlarda Azərbaycan fəal iştirak edir, öz maraqlarını təmin edir. Eyni zamanda, təşkilatların ümumi inkişafına da öz töhfəsini verir. Azərbaycan getdikcə daha da önəmli ölkəyə çevrilir və bu, artıq reallıqdır. İndiki Azərbaycan beş-on il əvvəlki Azərbaycandan çox fərqlənir. Bunu artıq bizimlə işləyən beynəlxalq təşkilatların nümayəndələri də görürlər. Biz bu imkanlardan ancaq və ancaq Azərbaycan xalqının maraqlarının təmin olunması üçün istifadə etməliyik. Biz bütün ölkələrlə əməkdaşlığa açığıq, xarici siyasətimiz səmimidir, dürüstdür. Bizim bütün bəyanatlarımız həyatda öz əksini tapır. Heç vaxt konyunktura naminə, yaxud da hansısa qısamüddətli nailiyyət naminə heç bir addım atmamışıq. Özümüzü çox ləyaqətli aparırıq.
Eyni zamanda, əməkdaşlıq üçün də açığıq, artıq bu, reallıqdır. Azərbaycanın adı gələndə artıq beynəlxalq təşkilatlarda və bütövlükdə dünyanın siyasi icmasında Azərbaycanın adı çox böyük hörmətlə çəkilir. Ölkəmizin önəmi artır. Bunun səbəbi təkcə neft-qaz layihələri, təkcə Azərbaycanın əlverişli coğrafi vəziyyəti deyil. Azərbaycanda neft-qaz həmişə var idi. Çox çətin şəraitdə, çox böyük maneələrlə üzləşərək bu nefti, qazı çıxarmaq, xarici investorları cəlb etmək, neft kəmərlərini yaratmaq, dünya bazarına çıxarmaq çox böyük cəsarət, çox böyük müdriklik tələb edirdi. Bir də demək istəyirəm ki, bütün bu işlərin təşəbbüskarı Prezident Heydər Əliyev olmuşdur.
Azərbaycanın coğrafi vəziyyəti də, sadəcə olaraq, özlüyündə böyük əhəmiyyət kəsb etmir. Əgər bizim düşünülmüş siyasətimiz olmasaydı, əgər Azərbaycanı bir regional mərkəzə çevirmək cəhdlərimiz baş tutmasaydı, coğrafi vəziyyətin heç bir əhəmiyyəti olmazdı. Dünyada bir çox ölkələr var ki, onların daha da əlverişli coğrafi vəziyyəti var.
Əfsuslar olsun ki, Azərbaycan dünya bazarlarına birbaşa çıxışa malik deyildir. Bizim bütün nəqliyyat və enerji layihələrimiz kəmərlər vasitəsi ilə, yaxud da tranzit vasitəsi ilə həyata keçirilir. Buna baxmayaraq, Azərbaycanda güclü nəqliyyat infrastrukturunun yaradılması bizim önəmimizi artırır. Biz bir neçə beynəlxalq layihələrin təşəbbüskarıyıq. Bu yaxınlarda başlayacağımız Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi ölkədə yeni bir vəziyyət yaradacaqdır. Azərbaycan Avropa ilə Asiyanı dəmir yolu vasitəsi ilə birləşdirən ölkəyə çevrilir və əlbəttə ki, regional işlərdə bizim önəmimiz artır.
Biz Avropa Birliyi ilə çox işgüzar münasibətlər yaradırıq. İslam dünyasında mövqelərimiz həddindən artıq möhkəmdir. Bu əməkdaşlıq bizim üçün çox önəmlidir. Regional təşkilatlarda və başqa təşkilatlarda Azərbaycanın əvəzolunmaz rolu var. Yəni biri o birini istisna etmir. Əksinə, biri digərini tamamlayır. Azərbaycanın belə siyasəti bölgə üçün də çox böyük əhəmiyyət kəsb edir. Heç kim maraqlı deyil ki, bölgədə vəziyyət gərginləşsin. Heç kim maraqlı deyil ki, bölgədə mövcud olan problemlər hansısa xoşagəlməz nəticəyə gətirib çıxarsın. Biz siyasəti təmkinlə aparırıq. Bizim məqsədimiz var, bu məqsədə doğru gedirik və ona çatmaq üçün nə lazımdırsa edirik və edəcəyik. Bir sözlə, əgər biz perspektivə baxsaq, Azərbaycanın qarşısında elə bir ciddi məsələ görmürük. Şəxsən mən görmürəm. Çünki hələ ki, əldə etmədiyimiz uğurlara bir neçə ildən sonra nail olacağıq. Hər halda, hər bir istiqamət üzrə proqram olduğu üçün bunu deməyə bütün əsaslarımız var.
Ölkəmiz qarşısında duran yeganə problem var ki, onun həlli təkcə bizdən asılı deyil, o da Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. Bu, yeganə məsələdir ki, təkcə bizdən asılı deyildir. Halbuki, biz əlimizdən gələni edirik və Azərbaycanın diplomatik səyləri də buna yönəldilibdir ki, bu məsələnin də həllinə nail olaq. Bizim mövqeyimiz dəyişməz olaraq qalır. Bu mövqe barəsində dəfələrlə rəsmi bəyanatlar da verilibdir. Mən də öz çıxışlarımda bəyan etmişəm - Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalıdır. Bu, başlıca şərtdir. Bunun kənarında heç bir razılaşma, heç bir saziş mümkün deyildir. İşğalçı qüvvələr zəbt olunmuş torpaqlardan çıxmalıdır. Birləşmiş Millətlər Təşkilatının dörd qətnaməsi icra olunmalıdır və işğala son qoyulmalıdır. Azərbaycan vətəndaşları, etnik təmizləmədən əziyyət çəkən vətəndaşlar öz torpaqlarına qayıtmalıdırlar. Bölgədə təhlükəsizlik tədbirlərinin möhkəmlənməsi mümkündür, biz də bunun tərəfdarıyıq və Dağlıq Qarabağda yaşayan ermənilərə yüksək muxtariyyət statusu verilməlidir. Bu, bizim mövqeyimizdir. Bu mövqe həm tarixə əsaslanır - çünki yaxşı bilirik ki, biz erməniləri öz torpağımıza qonaq kimi qəbul etmişik. Bu mövqe həm də siyasi vəziyyətə əsaslanır - çünki siyasi vəziyyət artıq bizim xeyrimizə işləyir və getdikcə Azərbaycanın önəmi daha da artacaqdır. Əgər Ermənistanla Azərbaycanı tərəziyə qoysaq, görərik ki, hansı ölkə daha da böyük önəm kəsb edir, hansı ölkənin potensialı nədir və hansı ölkəni nələr gözləyir. Yəni siyasi proseslərin inkişafı baxımından bizim vəziyyətimiz əlverişlidir.
Məsələnin hüquqi cəhətini deməyə də ehtiyac yoxdur. Biz hamımız yaxşı bilirik ki, hüquqi cəhətdən məsələ məhz bizim mövqeyimizin əsasında həll olunmalıdır. Yəni bütün bu amilləri nəzərə alsaq və eyni zamanda, Azərbaycanın artan iqtisadi potensialını nəzərə alsaq, görərik ki, məsələnin həlli üçün gözəl imkanlar var. Biz, sadəcə, danışıqlar prosesinə sadiq qalaraq, eyni zamanda, öz işimizi, öz siyasətimizi və tədbirlərimizi davam etdirməliyik. Onlar da nədən ibarətdir: ilk növbədə Azərbaycan güclənməlidir. Azərbaycan bütün iqtisadi, diplomatik, siyasi imkanlardan istifadə edib öz mövqelərini möhkəmləndirməlidir və Ermənistana qarşı siyasətimiz bundan sonra da fəal olmalıdır. Biz artıq informasiya hücumuna keçmişik. Biz iqtisadi hücuma keçməliyik və bütün beynəlxalq təşkilatlarda, bütün forumlarda, ikitərəfli formatda bu məsələ daim gündəlikdə olmalıdır. Ermənistanın işğalçı siyasətini ifşa etməliyik və bunu etməyə kifayət qədər dəlillər də, əsaslar da var.
Hərbi potensialımızı möhkəmləndirməliyik və bilirsiniz ki, mən Prezident seçiləndən sonra ilk günlərdən bu məsələ diqqət mərkəzində olmuşdur. Mən o vaxt da demişdim ki, Azərbaycanın hərbi büdcəsi Ermənistanın bütün büdcəsinə bərabər olmalıdır və yəqin ki, gələn il biz buna nail olacağıq. Biz bu təzyiqləri davam etdirməliyik. Əgər Ermənistan tərəfi bu təzyiqləri görməsə və bu təzyiqlərdən ehtiyatlanmasa, Azərbaycanın artan imkanlarından narahat olmasa, onlar işğal olunmuş torpaqlardan çətin ki, öz xoşları ilə çıxsınlar. Çünki bütün beynəlxalq normalara məhəl qoymayan Ermənistan, əfsuslar olsun ki, beynəlxalq təşkilatlar tərəfindən qınaq obyektinə çevrilmir. Bunun müxtəlif səbəbləri var. Siz bunların hamısını yaxşı bilirsiniz, bilirsiniz ki, bu səbəblər nədən ibarətdir. Amma bu, reallıqdır. Biz gərək bu reallığı bilək və bunun qarşısında öz reallığımızı, Azərbaycan reallıqlarını qoymalıyıq. Azərbaycan artıq o ölkədir ki, öz torpağının işğalına dözməyəcəkdir. Azərbaycan artıq o ölkədir ki, öz iqtisadi, siyasi, hərbi potensialından istifadə edib, istədiyinə nail olacaqdır.
Mən bunu bir dəfə demişəm, bir də demək istəyirəm ki, bəzən Azərbaycanın ordu quruculuğu prosesi kimdəsə narahatlıq doğurur. Doğurmamalıdır, bu, bizim suveren hüququmuzdur. Biz neçə ildir ki, bu işğala dözürük. Bizim ən böyük güzəştimiz sülh danışıqlarına sadiqliyimizdir. Ancaq biz bütün bu imkanlardan istifadə edib yeni vəziyyət yaratmalıyıq. Bir də demək istəyirəm ki, hərbi potensialın möhkəmlənməsi avtomatik olaraq müharibənin başlanmasına gətirib çıxarmır. Bu, ən son variantdır. Biz buna hazır olmalıyıq. Hər bir ölkə hazır olmalıdır, o cümlədən ərazisi işğal edilmiş və müharibə vəziyyətində yaşayan ölkə. Ancaq bununla bərabər, əminəm ki, biz bütün siyasi, iqtisadi, diplomatik və regional amillərdən istifadə edib Ermənistana çox güclü təzyiq edə biləcəyik. Artıq bunlar görünməkdədir.
Biz daim hücum etməliyik. İstəyimizə nail olmaq üçün hamımız bütün sahələrdə, bütün təşkilatlarda fəal olmalıyıq. İqtisadi amillərdən istifadə etməliyik və bu imkanlar getdikcə daha da artacaqdır. Bu məsələ ilə əlaqədar hökumətə tapşırıqlar verilibdir. Yəni Azərbaycan Ermənistandan yüz dəfə zəngin ölkə olandan sonra, bəlkə də müharibə variantına heç ehtiyac qalmayacaqdır. Yəni biz bütün imkanlardan istifadə etməliyik ki, öz hüququmuzu bərpa edək. Bu bizim hüququmuzdur. Dağlıq Qarabağ tarixi Azərbaycan torpağıdır. Azərbaycan torpaqlarında ikinci erməni dövlətinin yaranmasına biz heç vaxt icazə verməyəcəyik. Bu işdə bütün ictimaiyyət bir olmalıdır. Bu birlik bu gün var. Mən çox şadam ki, Azərbaycan cəmiyyətində bu məsələ ilə bağlı heç bir fikir ayrılığı yoxdur. Bəzi hallarda opponentlərimiz istəyirlər bizi tənqid etsinlər ki, Qarabağ məsələsi niyə həll olunmur. Ona görə həll olunmur ki, Azərbaycan bizi qane etməyən razılaşmaya heç vaxt getməyəcəkdir. Ona görə həll olunmur ki, bütün təzyiqlərə baxmayaraq, Prezident kimi mən Azərbaycan dövlətinə, Azərbaycan xalqına sərf etməyən razılaşmaya getməyəcəyəm. (Alqışlar.)
Mən demişəm, bu, elə məsələdir ki, təkcə bizim istəyimizdən asılı deyildir. Ona görə biz işləməliyik, fəal olmalıyıq. Yenə də deyirəm, bütün gücümüzü səfərbər etməliyik. Bu məsələdən başqa bizim qarşımızda ciddi məsələ yoxdur. Bu, bir nömrəli məsələdir və əlbəttə ki, biz bütün imkanlarımızı bu məsələnin həllinə yönəltməliyik, yönəldəcəyik və hamı bunu bilməlidir. Biz bu məsələnin həllinə çalışırıq, ədalətli həllinə çalışırıq və Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır. Mən buna şübhə etmirəm.
Biz bununla bərabər, məsələnin həlli işində beynəlxalq təşkilatlarla əməkdaşlığımızı davam etdirmək niyyətindəyik. Minsk qrupunun həmsədrləri bu gün yenidən Bakıya gəlmişlər. Biz Minsk qrupunun formatından imtina etmək fikrində deyilik. Eyni zamanda, hesab edirik ki, başqa təşkilatların da iştirakı bu məsələnin həllinə kömək göstərə bilər. Düzdür, Ermənistan tərəfi çalışır ki, BMT-də məsələnin müzakirəyə çıxarılmasını əsas tutub danışıqları pozsun. Ancaq bu, onların öz işidir, onlar danışıqları poza bilərlər. Əgər bəhanə axtarırlarsa, bu bəhanəni tapmaq çətin deyildir. Azərbaycan özünü konstruktiv aparır, danışıqlarda iştirak edir və ümid edir ki, danışıqlar nəticəsində məsələ öz həllini tapa bilər.
Əziz dostlar, bir daha demək istəyirəm ki, ölkəmizin gələcək inkişafını mən çox açıq və parlaq görürəm. Azərbaycan hansı ölkəyə çevriləcək, beş ildən, on ildən, iyirmi ildən sonra Azərbaycanın mövqeləri necə olacaq, Azərbaycanın iqtisadi potensialı necə olacaq, insanların həyat səviyyəsi necə olacaq - bütün bunlar bizi düşündürür. Çünki biz ölkəmizin gələcəyi üçün, Azərbaycanın hərtərəfli inkişafı üçün işləyirik.
Hamımız istəyirik ki, ölkəmiz müasir, zəngin, qüdrətli dövlətə çevrilsin. Azərbaycanda insanlar yaxşı yaşasınlar, zəngin olsunlar, iqtisadiyyatımız güclü olsun, siyasi imicimiz güclü olsun, bölgədə gedən proseslərə təsir imkanlarımız daha da artsın. Biz bunu istəyirik. Yəqin ki, hər bir ölkə bunu istəyər. Amma istəmək və bunu etmək başqa-başqa məsələlərdir. Bunu etmək üçün, arzularımızı həyata keçirmək üçün bizim imkanlarımız var.
Deyə bilərəm ki, indi bizim qarşımızda nadir imkanlar var. Sabah, ondan sonrakı illərdə Azərbaycan necə olacaq – bu bizdən asılıdır. Elə etməliyik ki, güclü dövlət yaradaq, müstəqilliyimizi daha da möhkəmləndirək. Azərbaycanın potensialını tam şəkildə insanların həyat səviyyəsinin yaxşılaşmasına yönəldək və beləliklə, ölkəmizdə vətəndaş cəmiyyəti yaradaq. Azad cəmiyyət, hüquqi dövlət, qanunun aliliyi, güclü iqtisadiyyat, güclü ordu, çevik xarici siyasət və Azərbaycanın maraqlarının tam şəkildə qorunması və möhkəmlənməsi – bu, bizim qarşımızda duran əsas qlobal istiqamətlərdir. Bütün istiqamət üzrə bizim proqramımız var. Hər bir istiqamət üzrə bizim baxışlarımız var, bilirik ki, nə istəyirik, haraya gedirik və təxminən bilirik ki, bunun nəticəsi nə olacaqdır. Nəticədə isə güclü ölkə olacaq, güclü Azərbaycan olacaq və Azərbaycan xalqı bundan sonra daha da yaxşı yaşayacaqdır. Bütün bu məqsədlərimizə çatmaq üçün biz gərək səmərəli işləyək.
Milli Məclisin yeni təmir olunmuş binasında səmərəli işləmək üçün çox böyük imkanlar var. Mən bu gün səhər buraya gələrkən əvvəlki vəziyyəti xatırlayırdım və əlbəttə, siz də bunu görürsünüz ki, çox böyük fərq var. Hətta dedim ki, kaş mən burada işlədiyim dövrdə də belə bir təmir olaydı. (Alqışlar.) Amma eybi yoxdur, yəqin ki, bundan sonra tez-tez görüşəcəyik. Mən sizə uğurlar arzulayıram. Bir daha demək istəyirəm, çox şadam ki, Milli Məclisin deputatları öz işlərinə çox böyük məsuliyyətlə yanaşırlar. Seçicilərlə daim təmasdadırlar. Azərbaycanda mütərəqqi qanunların qəbul olunmasında fəal iştirak edirlər. Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edirlər və beləliklə, Milli Məclisin rolu, nüfuzu artır. Cəmiyyət də bunu görür və buna təqdirlə yanaşır. Mən də bunu görürəm. Mən də buna sevinirəm və bu kürsüdən sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayıram. Əmin olduğumu bildirmək istəyirəm ki, biz gələcəkdə də birlikdə işləyəcəyik, ölkəmizi hərtərəfli inkişaf etdirəcəyik. Sağ olun. (Alqışlar.)
Sədrlik edən. Möhtərəm cənab Prezident, icazə verin, dərin məzmunlu çıxışınıza görə Sizə öz minnətdarlığımızı bildirək.
Hörmətli deputatlar, yarım saatlıq fasilə elan olunur.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 13.38 dəq.)
İştirak edir 112
Yetərsay 83

112 nəfər qeydiyyatdan keçib. Yetərsay var. İclasa başlaya bilərik. Bildiyiniz kimi, bu il mayın 13-də Milli Məclisə təkrar seçkilərdə qalib gəlmiş şəxslərin mandatları qanunvericilikdə nəzərdə tutulmuş qaydada təsdiq olunub. Bu gün yeni seçilmiş deputatlar da parlamentdə iştirak edirlər. Onların hamısını təbrik edirəm, qanunvericilik fəaliyyətində onlara uğurlar arzulayıram!
Hörmətli deputatlar! Payız sessiyasında Milli Məclisi gərgin iş gözləyir. Qanunvericilik fəaliyyəti planımızda olan məsələlər, o cümlədən Azərbaycan Respublikasının büdcəsi və büdcə zərfinə daxil olan məsələlər haqqında qanun layihələri müzakirə ediləcəkdir. Bu sessiyada sizin hamınıza qanunvericilik fəaliyyətində uğurlar arzulayıram!
Bugünkü iclasın gündəliyi hamınıza paylanıb. Gündəliyə çox məsələlər daxil edilib. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.41 dəq.)
Lehinə 111
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 112
Nəticə: qəbul edildi

Gündəlik qəbul edildi.
Hörmətli deputatlar! Əgər etiraz etmirsinizsə, bu gün fasiləsiz işləyək və birbaşa gündəliyin müzakirəsinə keçək. Kim birbaşa gündəliyin müzakirəsinə başlamağa razıdırsa, xahiş edirəm, münasibətini bildirsin.

Səsvermənin nəticələri (saat 13.42 dəq.)
Lehinə 101
Əleyhinə 6
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 108
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Bildiyiniz kimi, Daxili Nizamnamənin 7-ci maddəsinə əsasən Milli Məclisin iclasları Milli Məclisin növbəti sessiyasının əvvəlində qəbul edilən qanunvericilik işləri planına uyğun olaraq keçirilir. Milli Məclisin qanunvericilik işləri planı qərarla təsdiq edilir. Müzakirəmizə təqdim edilən plan 33 bənddən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim edəcəkləri qanun layihələri üçün bir bənd ayrılıb. Qalan layihələr möhtərəm cənab Prezident və Milli Məclisin daimi komissiyaları tərəfindən müzakirəyə təqdim edilmişdir.
Qanunvericilik işləri planına ölkəmizdə islahatların hüquqi təminatının möhkəmləndirilməsinə yönəldilən bir sıra qanun layihələri daxil edilmişdir. Məsələ ətrafında çıxış etmək istəyən varmı? Yoxdur. Xahiş edirəm, Azərbaycan Respublikası Milli Məclisinin 2006-cı il payız sessiyasının qanunvericilik işləri planı haqqında qərara münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 104
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
2-ci məsələ. Azərbaycan Respublikası Milli Məclisinin daimi komissiyalarının tərkibində dəyişikliklər edilməsi haqqında. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
3-cü məsələ. Azərbaycan Respublikası Milli Məclisinin parlamentlərarası əlaqələr üzrə işçi qruplarının tərkibində dəyişikliklər edilməsi haqqında.

Səsvermənin nəticələri (saat 13.46 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
4-cü məsələ. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında. Müzakirəyə təqdim edilən Konstitusiya Qanunu ötən il dekabrın 30-da qəbul edilmişdir. Bilirsiniz ki, Konstitusiyanın 156-cı maddəsinə görə Konstitusiya qanunları iki dəfə səsə qoyulur. İkinci səsvermə birinci səsvermədən 6 ay sonra aparılır. 6 ay sonra yay tətili olduğu üçün bu qanunu indi səsverməyə çıxarmışıq.
Nə təkliflər var? Yoxdur. Diqqətinizə çatdırım ki, Konstitusiya qanunları 95 səs çoxluğu ilə qəbul olunur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.47 dəq.)
Lehinə 102
Əleyhinə 0
Bitərəf 3
Səs vermədi 1
İştirak edir 106
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
5-ci məsələ. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə”. Bu da Konstitusiya Qanunu olduğuna görə 95 səslə qəbul edilir. Məruzə etməyə ehtiyac varmı? Ehtiyac yoxdur. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.49 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 103
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti beş məsələsi Azərbaycan Respublikasının xarici dövlətlərdə səfirliklərinin təsis edilməsi ilə bağlıdır. Etiraz etmirsinizsə, onlar barədə bizə bir yerdə məruzə edilsin, sonra hər birini ayrı-ayrılıqda səsə qoyub münasibətimizi bildirərik. Etiraz yoxdur. Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri Səməd Seyidov, buyurun.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə mən də komissiyamız adından bütün deputatları, hörmətli Sədri bu vacib və əlamətdar gün, o cümlədən parlamentimiz üçün belə gözəl şəraitin yaradılması münasibətilə ürəkdən təbrik edir, hamımıza uğurlar arzulayıram!
Diqqətinizə təqdim olunan qanun layihələri çox vacib və əhəmiyyətli sənədlərdir. Beş ölkədə yeni səfirliklərin təsis olunması ilə bağlı sənədlər komissiyamızda artıq müzakirə olunub. Azərbaycan Respublikası Milli Məclisinin müzakirəsinə təqdim edilən qanun layihələri Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi, Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi, Azərbaycan Respublikasının Litva Respublikasında (Vilnüs şəhərində) səfirliyinin təsis edilməsi, Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) səfirliyinin təsis edilməsi, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin təsis edilməsi haqqındadır.
Hörmətli millət vəkilləri, hazırda dünyanın müxtəlif ölkələrində Azərbaycanın 50-yə yaxın səfirlik və nümayəndəlikləri fəaliyyət göstərir. Azərbaycan Respublikası Prezidentinin bir qədər əvvəl xarici siyasət haqqında dediyi fikirlər bu layihələrdə də öz əksini tapıb. Ölkəmiz xarici siyasət coğrafiyasını genişləndirir. Dövlətimizin dünyanın bütün ölkələrində təmsil olunması ilə bağlı çox vacib əməli addımlar atılır. Səfirliklərin açılmasının coğrafiyasına nəzər salsanız, görərsiniz ki, bütün istiqamətlərdə - Qərbdə, Şərqdə, Şimalda, Cənubda səfirliklərimizin yaradılması Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycanın xarici əlaqələrinin inkişafı sahəsində mühüm addımlardır. Ona görə biz həmkarlarımızdan xahiş edirik ki, yeni səfirliklərimizin açılması ilə əlaqədar məsələlərə müsbət münasibətlərini bildirsinlər. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun, Səməd müəllim. Sualı olan varmı? İqbal Ağazadə, buyurun.
İ. Ağazadə. Sağ olun, Ziyafət müəllim. Mən bayaq birinci iş günü olduğuna görə iş planı ilə bağlı fikrimi bildirmədim və buradakı yaxşı ovqatı korlamaq istəmədim. Amma gələn iclasda, yəqin ki, fikrimizi bildirəcəyik. Payız sessiyasının ilk iclasında ən azı öz fikirlərimizi bildirməli, gündəliyə əlavə və təkliflərimizi verməli idik.
İndi Səməd müəllimin qoyduğu konkret məsələ ilə bağlı sualım var. Təbii, Azərbaycanın bütün ölkələrdə diplomatik nümayəndəliklərinin açılması və Azərbaycanın mənafelərinin orada qorunması çox vacibdir. Amma bu gün elə ölkələr var ki, orada diplomatik nümayəndəliyimiz yoxdur. Tutaq ki, Tacikistanda Azərbaycanın diplomatik nümayəndəliyinin açılması, ora külli miqdarda vəsait qoyulması o qədərmi vacibdir? Halbuki daha vacib ölkələrdə bu prosesi həyata keçirmirik. Amma Tacikistanda və yaxud da bir başqa yerdə Azərbaycan külli miqdarda pul qoyur, səfirlik açır, işçi saxlayır və sair. Xarici siyasət kursunu istiqamətləndirməmiş, dövlət vəsaitini bu şəkildə xərcləməyə ehtiyac varmı? Mən Tacikistanda açılacaq səfirliyin Azərbaycana verə biləcəyi xeyri bilmək istəyirəm. Tacikistan öz çevrəsində xarici siyasətə nə qədər xeyir verə bilir və Azərbaycan ondan nə qədər qazanacaq? Halbuki Azərbaycan bununla bağlı daha ciddi vəsait qoyub Avropa ölkələrində, başqa ölkələrdə səfirliklərini aça bilər. Çox sağ olun.
Sədrlik edən. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Mən İqbal müəllimin fikirləri ilə heç cür razılaşa bilmərəm. Mən artıq dedim ki, dünyanın aparıcı ölkələrində Azərbaycanın 50-yə yaxın səfirlik və nümayəndəlikləri fəaliyyətdədir. Orta Asiya inkişafda olan və Azərbaycan üçün həddindən artıq böyük əhəmiyyəti olan bir regiondur. Bu saat dünyanın bütün aparıcı dövlətləri Orta Asiya ilə əlaqələri genişləndirmək, Orta Asiya ölkələrində mövqelərini möhkəmləndirmək istiqamətində əməli addımlar atırlar. Qazaxıstanda, Özbəkistanda, Türkmənistanda bizim səfirliklərimiz çox yüksək səviyyədə fəaliyyət göstərir. Tacikistanda və Qırğızıstanda da səfirliklərin açılması çox məntiqli və əhəmiyyətli bir addımdır. Ona görə millət vəkillərindən xahiş edirəm, bu məsələyə müsbət fikirlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun. Mən də Səməd müəllimin dedikləri ilə tamamilə razıyam. Hesab edirəm ki, dövlətləri, ümumiyyətlə, birinci, ikinci, üçüncü növə bölmək olmaz. Azərbaycan Respublikasının Prezidenti Tacikistanda bizim səfirliyimizin açılmasını lazım bilirsə, deməli, bu, yüz ölçülüb, bir biçilib. Ona görə mən də bu məsələnin lehinə səs verməyimizin tərəfdarıyam. Hörmətli Səməd müəllim 5 ölkədə səfirliklərimizin açılması ilə əlaqədar ümumi şəkildə məruzə elədi. Səsvermə isə hər biri üçün ayrıca olacaq. Ona görə xahiş edirəm, birinci, Azərbaycan Respublikasının Qırğız Respublikasında (Bişkek şəhərində) səfirliyinin təsis edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 13.57 dəq.)
Lehinə 105
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun. Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Mən hesab edirəm ki, şübhəsiz, nə qədər çox dövlətdə səfirliyimiz açılsa, bir o qədər yaxşıdır və dövlətin apardığı xarici siyasət üçün əhəmiyyətlidir. Amma bununla bağlı bir qeydimi diqqətinizə çatdırmaq istəyirəm. Bu yaxınlarda Azərbaycanın dövlət başçısının da iştirak etdiyi türk dövlətləri və toplumlarının X Qurultayında Qarabağ məsələsi ilə birlikdə Kipr məsələsi də ayrıca bir məsələ kimi çox mühüm şəkildə dəyərləndirildi. Orada belə bir fikir irəli sürüldü ki, Kofi Annanın planının türk Kiprində qəbul edilməsindən sonra artıq beynəlxalq hüquq imkan verir ki, Şimali Kipr Türk Cümhuriyyəti ilə əlaqələrimiz diplomatik səviyyədə olmasa da, hər halda Birləşmiş Millətlər Təşkilatının müvafiq qərarlarının yol verdiyi çərçivədə olsun. Mən bu səfirliklərin yaradılmasını təqdir eləyirəm. Eyni zamanda, çox istəyirəm ki, hörmətli Milli Məclis və Azərbaycanın müvafiq dövlət orqanları bu məsələ istiqamətində də elə bu sessiyada qərarların qəbul edilməsi üçün müvafiq addımlar atsınlar. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Mən, əvvəla, fürsətdən istifadə edib payız sessiyasının işə başlaması münasibətilə həmkarlarımı təbrik edirəm. Belə gözəl bir salonda, güman edirəm ki, gözəl əhval-ruhiyyə ilə işləmək lazımdır. Yəqin ki, elə ona görə deputat həmkarlarım ilk məsələlərin müzakirəsində çox təkid eləmədilər. Amma payız sessiyasına bizim müəyyən əlavə və təkliflərimiz var idi. Hər halda o məsələnin müzakirəsinə ciddi ehtiyac vardır və görünür, gələn yığıncaqda ona vaxt ayırmaq lazımdır.
Konkret olaraq səfirliklər məsələsinə gəldikdə isə, doğrudan da, Azərbaycanın nə qədər çox ölkədə təmsilçisi olsa, o qədər yaxşıdır. Xüsusən tarixi ənənələrlə bizə bağlı olan və faktiki olaraq problem məsələlərdə bizə dəstək olan ölkələrlə hökmən diplomatik əlaqələrimizin qurulması, onlarda səfirliklərimizin yaradılması vacibdir. Ona görə də bugünkü siyahının dəstəklənməsini xahiş edirəm.
Amma burada bir məsələni qeyd eləmək istəyirəm. Səfirliklərin çoxluğu hələ o səfirliklərin hamısının keyfiyyətli işləməsi demək deyil. Çox təəssüf ki, mənim müşahidə elədiyimə görə bizim bir sıra ölkələrdəki səfirlərimiz keyfiyyətli işləmirlər. Bunların bir hissəsi köhnə sovet rejimində yetişmiş kadrlardır və çox təəssüf ki, bugünkü mədəniyyətimizi, tariximizi, dilimizi, problemlərimizi kifayət qədər bilmirlər. Xarici ölkələrdə onların diplomatik fəaliyyətinin səviyyəsi çox ciddi şübhə doğurur. Bununla bağlı faktlar demək istəmirəm. Amma səfirliklərin formalaşması bu baxımdan ciddi problem yaradır.
Yeni səfirliklərdə işləyəcək adamların seçilməsi ilə bağlı mən təklif edərdim ki, xarici ölkələrdə yaşayan vətəndaşlarımızla əlaqələrimizi düzgün quraq. Adı çəkilən ölkələrdə illər uzunu yaşamış, oranın adət-ənənəsini, dilini bilən, diaspor təşkilatlarına başçılıq edən, Azərbaycanla sıx əlaqəsi olan və Azərbaycanı oralarda yüksək səviyyədə təmsil edə bilən insanlar var. Orada onların evi-eşiyi də var. Bəlkə heç çox böyük əlavə xərc çəkmədən də onların bəzilərini bizim diplomatik xidmətə cəlb eləmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sabir müəllim, konkret halda biz səfir təyin eləmirik, səfirlikləri təsis edirik. Buyurun, zəhmət olmasa, növbəti məsələyə səs verin. Azərbaycan Respublikasının Tacikistan Respublikasında (Düşənbə şəhərində) səfirliyinin təsis edilməsi haqqında.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 103
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 106
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Litva Respublikasında (Vilnüs şəhərində) səfirliyinin təsis edilməsi haqqında. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə 107
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 107
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Azərbaycan Respublikasının Tailand Krallığında (Banqkok şəhərində) səfirliyinin təsis edilməsi haqqında. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.04 dəq.)
Lehinə 106
Əleyhinə  2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 109
Nəticə: qəbul edildi

Qəbul edildi, çox sağ olun.
Nəhayət, Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarında (Mexiko şəhərində) səfirliyinin təsis edilməsi haqqında. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.05 dəq.)
Lehinə  106
Əleyhinə  0
Bitərəf  1
Səs vermədi  0
İştirak edir  107
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. YUNESKO-nun “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiyasının təsdiq edilməsi barədə. Buna iki komissiyada – Mədəniyyət məsələləri ilə Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyalarında baxılıb. Nizami müəllim, Siz məlumat verəcəksiniz? Buyurun.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də yeni və daha gözəl şəraitdə işə başlamağımız münasibəti ilə hamınızı təbrik edirəm. Hazırda müzakirəyə çıxarılan məsələyə gələndə onu deyə bilərəm ki, bu Konvensiya 2003-cü ildə YUNESKO-nun Baş konfransında qəbul edilib. Bu Konvensiyanın məqsədi nədən ibarətdir? Maddi mədəniyyət abidələrinin qorunub saxlanması sahəsində dünyada çox böyük təcrübə var. Amma qeyri-maddi, yəni mənəvi mədəniyyət abidələrinin qorunub saxlanılmasının texnologiyası çox mürəkkəbdir və bu sahədə çox zəngin təcrübə də yoxdur. Ona görə belə bir Konvensiya hazırlanıb ki, dünya miqyasında qeyri-maddi mədəni irsin qorunub saxlanması imkanları müəyyənləşdirilsin və bu iş bütün ölkələrdə icra olunsun. Qeyri-maddi mədəniyyətə nələr daxildir: dil və dildə ifadə yaradıcılığı, ifaçılıq sənətləri, dünya xalqlarının müxtəlif mərasim və bayramlarında tarixən yaranmış müəyyən ənənələr, dünya haqqında bir sıra biliklər, təcrübələr, təsəvvürlər və sair. Məqsəd də bundan ibarətdir ki, bu Konvensiyaya qoşulan dövlətlər, birincisi, qeyri-maddi mədəni irsin xarakteri, dəyəri barədə cəmiyyətə məlumat verə bilsin, təsəvvürlər yaradılsın, onun nə olmağı göstərilsin. İkincisi, onun qorunması üçün maddi vəsait sərf olunsun. Üçüncüsü, bu sahədə beynəlxalq əməkdaşlıq edilsin.
Azərbaycanın bu Konvensiyaya qoşulması, elə bilirəm ki, zərurətdir. Niyə? Mən onu xüsusi qeyd etmək istəyirəm ki, Azərbaycanın və ümumiyyətlə, türk xalqlarının mənəvi mədəniyyəti maddi mədəniyyətinə nisbətən daha zəngindir. Elə xalqlar var ki, onlar daha çox maddi mədəniyyət yaradıblar. Amma türk xalqları o xalqlardandır ki, onlar, o cümlədən də Azərbaycan xalqı daha çox mənəvi mədəniyyət yaradıb. Ona görə də Azərbaycanın bu Konvensiyaya qoşulması bir zərurətdir.
Bir təklifimi Milli Məclisin nəzərinə çatdırmaq istəyirəm. Bu təklif nədir? Bu Konvensiyanın mətni 6 beynəlxalq dildə hazırlanıb. Və çox yaxşı olar ki, biz buna qoşulmaqla yanaşı, həm də təklif eləyək ki, bunun mətni 7-ci bir dildə, məsələn, türk xalqları üçün ümumi, anlaşıqlı və daha çox nüfuzlu olan Türkiyə türkcəsində də hazırlansın. Niyə? Çünki bu mətnin həm də bu dildə mövcud olmağının özü də mənəvi mədəniyyətin təsdiqi deməkdir. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Nizami müəllimin fikirləri çox dəyərli və vacibdir. Biz komissiyada bu Konvensiyanın ratifikasiya və qəbul olunmasına yekdilliklə tərəfdar çıxmışıq. Lakin bu Konvensiyanın bir mühüm cəhəti var. Nizami müəllim də buna toxundu. Bilirsiniz ki, işğal altında olan torpaqlarımızda və eləcə də Ermənistan ərazisində həm maddi mədəni, həm də qeyri-maddi mədəni irsimiz təcavüzə məruz qalmışdır. Biz buna dünya ictimaiyyəti tərəfindən lazımi reaksiya verilməsinə hələ də nail ola bilməmişik. YUNESKO xətti ilə belə bir Konvensiyanın iştirakçısı olmaq isə o deməkdir ki, Azərbaycan sabah bu Konvensiyanı rəhbər tutaraq öz qeyri-maddi və maddi mədəni irsini artıq hüquqi müstəvidə müdafiə edə biləcəkdir. Bu çox təqdirəlayiq haldır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Konvensiyanın müzakirəsinə başlayırıq. Jalə xanım Əliyeva.
J. Əliyeva. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Əvvəla, mən də məndən əvvəl burada çıxış edən bütün deputat həmkarlarımın fikirlərinə qoşularaq birinci növbədə payız sessiyasının başlanması münasibətilə hər birinizi təbrik edir və parlamentə uğurlu fəaliyyət arzu edirəm. Parlamentin bu payız sessiyası bizim hər birimiz üçün, həqiqətən, çox xoş və əlamətdar bir şəraitdə başlayır. Bir az əvvəl ölkə Prezidenti cənab İlham Əliyevin də qeyd etdiyi kimi, Milli Məclisin binası çox qısa bir müddət ərzində bütün dünya standartlarına uyğun şəkildə böyük bir zövqlə əsaslı təmir edilmişdir. Və mən belə hesab edirəm ki, bütün bu işlər millət vəkillərinin daha səmərəli və dolğun fəaliyyət göstərməsinə stimul verəcəkdir.
Müzakirəmizə təqdim olunan “Qeyri-maddi mədəni irsin qorunması haqqında” Konvensiya 2003-cü il oktyabrın 17-də qəbul edilmişdir. Konvensiyanın qəbul edilməsi çox ülvi bir məqsədə xidmət edir. Belə ki, müxtəlif etnosların, icmaların, qrupların min illər boyu yaratdıqları unikal və rəngarəng qeyri-maddi mədəni irsin qorunması və gələcək nəsillərə çatdırılması üçün onların mühafizə edilməsinə böyük ehtiyac var. Hər bir etnosun, icmanın, insan qrupunun özünəxaslığını, təkrarsızlığını ifadə edən bu qeyri-maddi mədəni dəyərlər insanlığın mədəni sərvətlər toplusudur. Və bu sərvətlər toplusunu yaşatmaq, bu irsi bütün dünyaya tanıtmaq üçün belə bir Konvensiyanın qəbulu, əlbəttə ki, vacibdir. Ayrı-ayrı toplumlara məxsus olan qeyri-maddi mədəni dəyərlər, əslində, bəşəriyyətin qeyri-maddi mədəni irsini təşkil edir. Bu baxımdan müzakirə etdiyimiz Konvensiya qeyri-maddi mədəni irsin beynəlxalq səviyyədə qorunması üçün beynəlxalq hüquqi bazanın yaradılması istiqamətində atılan addım kimi qiymətləndirilməlidir.
Konvensiya, eyni zamanda, qeyri-maddi mədəni irsin qorunması işinin bütün dünyanın maraq dairəsinə aid olduğunu və bu sahədə beynəlxalq əməkdaşlığın, informasiya və təcrübə mübadiləsinin zəruriliyini bir daha ortaya qoyur. Bu Konvensiyaya istinad edərək biz qeyri-maddi mədəni irsimizin beynəlxalq aləmə təqdim olunmasına və eyni zamanda, onların qorunmasına dair milli və regional proqramların həyata keçirilməsinə nail ola bilərik. Mən, məsələn, Xınalıq, Lahıc kimi bölgələrin bənzərsiz maddi və qeyri-maddi irsini bu Konvensiyaya istinad edərək beynəlxalq aləmə təqdim edə biləcəyimizi və onun qorunması üçün milli proqramın tərtib olunmasına beynəlxalq dəstək ala biləcəyimizi düşünürəm. Bu istiqamətdə müəyyən zəruri işlərin həyata keçirilməsi barədə cənab Prezident tərəfindən artıq göstəriş verilmişdir. Bu göstərişə əsasən Xınalığa gediş-gəlişi asanlaşdırmaq məqsədilə həmin bölgəyə müasir tələblərə cavab verən yol çəkilməkdədir. Bu inşaat işləri, demək olar ki, artıq tamamlanmışdır.
Mən bu iki bölgənin adını təsadüfən çəkmədim, çünki həmin ərazilərdə yaşayan icmaların çox uzaq minilliklərin ənginliklərindən gələn həyat tərzi, adət-ənənələri, sənət nümunələri vardır. Və bütün bunlar bəşəriyyətin ümumi malı olmağa, qorunmağa və yaşamağa layiqdir. Bu icmaların yaratdığı mənəvi irs, əgər belə ifadə etmək mümkündürsə, hər birimizin uşaqlıq həyatımızda yaşatdığımız göy qurşağında əks olunan rənglərin müxtəlif çalarlarının mükəmməl harmoniyasını xatırladır.
Hörmətli həmkarlarım, mən çıxışımı bu lirik notda bitirmək istəyirəm və hesab edirəm ki, biz bu Konvensiyanı mütləq təsdiq etməliyik. Mən hər birinizi bu Konvensiyaya səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Jalə xanım. Hörmətli həmkarlarım, mən baxıram, monitorda çıxışa yazılanlar çoxdur. Gəlin, reqlamenti müəyyən edək. 5 dəqiqə kifayətdirmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. 3 dəqiqə? Yaxşı, buyurun, 3 dəqiqə. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli millət vəkilləri, mətbuat nümayəndələri! Bu Konvensiyaya qoşulmaq lazımdır. Ən azı ona görə ki, Azərbaycan xalqı uzun müddət şifahi yaddaşına arxalanan xalq olubdur və qeyri-maddi mədəniyyət abidələrinin qorunması, mən deyərdim ki, ilk növbədə bizim xalqımızın köklü maraqlarına uyğun olan məsələdir. Heç kəsə sirr deyil ki, Azərbaycan xalqının qeyri-maddi mədəniyyət abidələrinin dünyada saxtalaşdırılması, müxtəlif qonşu xalqların bunu öz adına çıxması kimi hallar baş verir. Ümid edirəm ki, bu Konvensiyaya qoşulmağımız Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunmasında mühüm rol oynayacaq.
Amma Konvensiyaya qoşulmaq azdır, ona əməl etmək lazımdır. Bax, biz YUNESKO-nun maddi mədəniyyət abidələrinin qorunması ilə bağlı Konvensiyasına qoşulmuşuq. Məlum olduğu kimi, Azərbaycanda YUNESKO səviyyəsində qorunan maddi mədəniyyət abidələri var. Məsələn, İçərişəhəri buna nümunə göstərmək olar. Təəssüf ki, YUNESKO tərəfindən qorunan bu maddi mədəniyyət abidələrində çox qəribə hadisələr baş verir. Neftçilər prospektindəki 77 və 79 saylı binalar YUNESKO tərəfindən qorunan tarixi abidələr idi. Bu binalar dağıdılıb. İndi onların yerində yeni bina tikilməsi üçün layihələr hazırlanır. Təəssüflər olsun ki, bu uçurulan binanın cənub tərəfinin divarı ilə yanaşı, Bakının hər bir azərbaycanlıda iftixar hissi oyatdığı qala divarlarının bir hissəsi də dağıdılmışdır. Həm də nəzərə almaq lazımdır ki, qeyd edilən 77 saylı bina Bakı şəhəri quberniya mərkəzi olandan sonra Bakı qubernatorunun ilk iqamətgahı olub. Bu bina tarixi baxımdan çox əhəmiyyətli bir abidə idi. Bunların dağıdılması, mən hesab edirəm ki, həm Azərbaycan, həm də YUNESKO qanunlarına hörmətsizlikdir. Mən bu dağıdılan qala divarlarının şəkillərini çəkdirmişəm. Kim tanış olmaq istəsə, göstərə bilərəm. Mənə elə gəlir ki, qoşulduğumuz konvensiyalara çox hörmətlə yanaşmaq lazımdır. Yeni binalar tikmək üçün yetərincə ərazi var. Bunun üçün Azərbaycanın maddi mədəniyyət abidələrini dağıtmağa ehtiyac yoxdur. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Rafael Hüseynov.
R. Hüseynov. Hörmətli millət vəkilləri! Müzakirə etdiyimiz Konvensiya Azərbaycan üçün son dərəcə böyük əhəmiyyət kəsb edir. Çünki Azərbaycanın dünyaya çıxışının, dünyada təsdiqinin və dünyanın fəthinin ən qısa yollarından biri mədəniyyətdən keçir. YUNESKO-nun bir sıra konvensiyaları Azərbaycan üçün son dərəcə əhəmiyyətlidir. Bunlardan biri “Təbii və maddi mədəni irsin qorunması haqqında” Konvensiyadır. Azərbaycan buna vaxtilə qoşulub. Həmin Konvensiya çərçivəsində İçərişəhər layihəsi var. Və indi Azərbaycan Qobustanın da həmin layihəyə daxil olunması səmtində çox əhəmiyyətli addımlar atıb.
İndi haqqında danışdığımız Konvensiya qeyri-maddi mədəni irsin qorunması ilə əlaqədardır. Və Azərbaycan artıq bu Konvensiya çərçivəsində də fəaliyyət göstərməkdədir. Hələ iki il öncədən Novruz bayramı layihəsi ilə Azərbaycan bu Konvensiyaya qatılıb. İndi muğamla əlaqədar Azərbaycan bu Konvensiya çərçivəsində fəaliyyətlərini aparmaqdadır. Lakin düşünürəm ki, Azərbaycanın qeyri-maddi mədəni irsinin qorunması sahəsində ata biləcəyimiz addımlar, dünyada özümüzü təqdim etmək və mövcud irsimizi qorumaq yolunda görəcəyimiz işlər həddindən artıq böyükdür.
Buna görə bu Konvensiya ilə əlaqədar mənim bir sıra düşüncələrim var. İlk növbədə onu qeyd etmək istərdim ki, biz bu sənədi diqqətlə oxumalı və öyrənməliyik. Hər şey öyrənməkdən başlayır. Bəzən bu konvensiyalar, sənədlər təsdiq edilir və sadəcə, bu sənədlərin saxlandığı arxivlərdə hansısa rəflərdə qalır. Biz bu sənədi diqqətlə öyrənəriksə, Azərbaycanın bu sənəddən istifadə etmək imkanlarının geniş çərçivəsini də özümüz üçün aydınlaşdıra bilərik.
Bu Konvensiyanın ən vacib maddələrindən biri təhlükədə olan qeyri-maddi mədəni irsin qorunmasıdır. Bizim təhlükədə olan qeyri-maddi mədəni irsimiz Azərbaycanın yalnız öz ərazisində deyil, azərbaycanlıların yaşadığı digər ərazilərdə də zəngindir. Məsələn, Gürcüstan ərazisində yarım milyona yaxın azərbaycanlı yaşayır. Onların da ənənələri, mərasimləri, adətləri qorunmalı, yaşadılmalıdır. Yaxud, məsələn, Ermənistan ərazisində, tarixi torpaqlarımızda yaşamış azərbaycanlıların çox zəngin qeyri-maddi mədəni irsi vardır. Bunun bir çox istiqamətləri məhv olmaq, itmək, tarixin dumanlarında əriyib yox olmaq təhlükəsi ilə qabaq-qabağadır. Onların da bu Konvensiya çərçivəsində YUNESKO səviyyəsində qorunmasına biz nail olmalıyıq.
Sədrlik edən. Sağ olun, Rafael müəllim. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Hörmətli millət vəkilləri! Mən bu Konvensiyanı dünyanın bir çox dövlətləri üçün lazımlı və vaxtında qəbul edilmiş bir sənəd kimi qiymətləndirirəm və onun ratifikasiyasına səs verməyə hazıram. Bununla belə məni bir neçə sual maraqlandırır. Xahiş eləyərdim ki, hörmətli komissiya sədrləri mənim bu suallarıma cavab versinlər.
Birinci sual. Bu Konvensiyada yazıldığı kimi, Qeyri-maddi mədəni irsin qorunması üzrə Komitə qeyri-maddi mədəni irsin reprezentativ siyahısını tərtib edir və onu vaxtaşırı təzələyir. Mənə maraqlıdır ki, bu siyahıya indiyə kimi Azərbaycana məxsus hansı qeyri-maddi mədəni irs nümunələri rəsmi şəkildə salınıb.
İkinci sual. Ermənistana nisbətən bu adlar siyahıda daha məhduddur, ya daha çeşidlidir?
Ən narahatedici məsələ və sual. Biz bilirik ki, YUNESKO-nun sülhməramlı səfiri hörmətli Mehriban xanım Əliyevanın geniş fəaliyyəti nəticəsində Azərbaycan muğamı haqqında təsəvvürlər dünya miqyasında genişlənir və muğam YUNESKO tərəfindən bəşəriyyətin qeyri-maddi mədəni irsi kimi tanınır. O, rəsmi tanınıb, ya necə? Buna baxmayaraq, namussuz qonşularımız muğamımızı hər yerdə öz milli mədəni sərvəti kimi və hətta bir sıra beynəlxalq tədbirlərdə və ensiklopediyalarda erməniköklü ifaçılıq sənəti kimi təqdim edirlər. Mənim sualım müvafiq komissiya sədrlərinədir. Biz bu Konvensiyaya qoşulduqdan və muğam qeyri-maddi irsin reprezentativ siyahısına daxil edildikdən sonra beynəlxalq səviyyədə bu istiqamətdə Azərbaycan xalqının müəlliflik hüququnu qorumaq üçün nə kimi addımlar ata bilərik və ümumiyyətlə, Konvensiya bu sahədə bizə hansı üstünlükləri verə bilər? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Doğrudan da, bu qanunun qəbulu hətta bir qədər gecikib. Ancaq parlamentin bugünkü iclasında bunun qəbul edilməsi çox təqdirəlayiq haldır. Çünki bu qanunun qəbul edilməsi bütün xalqlar, bütün dövlətlər üçün vacib olsa da, Azərbaycan üçün xüsusilə əhəmiyyətlidir. Ona görə ki, biz müharibə şəraitində yaşayırıq və istər-istəməz qeyri-maddi mədəni irsin qorunmasına bizim daha çox ehtiyacımız var. Azərbaycanın maddi mədəniyyət ehtiyatları, qeyri-maddi mədəni irsi qonşularından daha zəngindir və bunu, həqiqətən, qoruyub saxlamaq lazımdır.
Bayaq Nizami müəllim bir məsələyə toxundu, dedi ki, qeyri-maddi mədəni irsin daşıyıcısı kimi dil də daxil olmaqla şifahi ənənə və ifadələr, ifaçılıq sənətləri, sosial təcrübələr, mərasimlər, bayram tədbirləri, təbiətə və kainata aid biliklər və təcrübələr, ənənəvi sənətkarlıq burada xüsusi qeyd olunub. Hamımız bilirik ki, bunların hər birindən qonşularımız çox səmərəli şəkildə, özlərinə uyğun şəkildə istifadə edir və bizim mədəni irs nümunələrini öz adlarına çıxırlar. Ona görə də YUNESKO-nun bu Konvensiyasının təsdiq edilməsi bizim üçün çox əhəmiyyətli məsələdir.
Burada Nizami müəllim bir məsələyə də toxundu. Siz bilirsiniz ki, Avropada iki dil – ingilis və fransız dilləri, BMT-də isə altı dil beynəlxalq ünsiyyət vasitəsi kimi qəbul olunub. Bu sıraya türk dili daxil edilməyib. Ona görə də beynəlxalq təşkilatların sənədləri, o cümlədən konvensiyalar Avropada iki və BMT-də altı dildə qəbul edilir, türk dilində qəbul edilmir. Nizami müəllim düzgün təklif elədi. Bizim təklifimiz ondan ibarətdir ki, bu Konvensiyaya Türkiyə türkcəsi, yaxud Azərbaycan türkcəsi də daxil edilməlidir. Ona görə ki, Türkiyə türkcəsində 60-65 milyondan artıq, Azərbaycan türkcəsində 50 milyondan artıq insan danışır. Bütün dünyada 250 milyondan artıq...
Sədrlik edən. Nizami müəllim, biz danışdıq ki, reqlament 3 dəqiqə olsun. Ona görə mikrofonu bağlayırlar.
N. Xudiyev. 1 dəqiqə əlavə edin, fikrimi bitirim.
Sədrlik edən. Buyurun. Zəhmət olmasa, 1 dəqiqə verin.
N. Xudiyev. Dünyada türkdilli xalqların təxminən 250-300 milyona yaxın nümayəndəsi yaşayır. Necə olur ki, məsələn, 100 milyon insanın danışdığı daha kiçik dillər rəsmi qəbul edilir, türk dili qəbul edilmir? Onun üçün mənim təklifim odur ki, bu Konvensiyaya ya Türkiyə, ya da Azərbaycan türkcəsinin daxil edilməsi üçün təklif verək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Hörmətli deputat həmkarlarım, bir məsələyə istəyirəm, aydınlıq gətirəm. Bayaq səhv eləmirəmsə, deputat həmkarlarımdan biri çıxış edəndə dedi ki, biz bu Konvensiyaya əlavə etməliyik. Bilirsiniz ki, biz bu beynəlxalq müqavilələrin, konvensiyaların ratifikasiyası və denonsasiyası haqqında qanun qəbul eləmişik. Biz beynəlxalq müqavilə və konvensiyaya dəyişiklik eləyə bilmərik. Biz onu ya qəbul eləməliyik, ya da rədd etməliyik. Bu, məsələnin bir tərəfi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Üzr istəyirəm, bir dəqiqə. Darıxmayın. İkinci bir tərəfdən Nizami müəllim dil məsələsini qaldırır. Əlbəttə, mən də bir azərbaycanlı kimi istəyirəm ki, ya türk dilində olsun, ya da Azərbaycan dilində. Amma o altı dildə ki bu qanunlar qəbul edilir, çap olunur, bunlar BMT-nin və YUNESKO-nun rəsmi dilləridir. Gəlin, əvvəlcə dilimizi rəsmi qəbul etdirək. Ondan sonra artıq bu məsələ özü-özlüyündə həll ediləcək. Yoxsa burada deməklə iş bitmir. Çıxışa yazılanlardan təkid edən varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda siyahı üzrə gedirik. Sabir Rüstəmxanlı.
S.Rüstəmxanlı. Hörmətli millət vəkilləri, mən də hesab edirəm ki, biz bu Konvensiyaya qoşulmalıyıq. Şübhəsiz, bizim indi səsləndirdiyimiz fikirlər Konvensiyaya nə isə əlavə eləmək, yoxsa dəyişmək niyyəti daşımır. Sadəcə olaraq, bu Konvensiyanın müzakirəsindən istifadə eləyərək bu sahədə Azərbaycanda hansı işlərin görülməli olduğunu xatırlatmaq istəyirik. Çünki başqa vaxt bizim bu məsələni müzakirə eləməyə imkanımız yoxdur.
Hamı bilir ki, Azərbaycanın qeyri-maddi mədəniyyət abidələri, mədəni irsi Azərbaycanın bugünkü coğrafiyasından çox kənara çıxan geniş bir ərazini əhatə edir. Bu bizim tariximizlə bağlıdır. Təəssüf ki, Azərbaycan Respublikasının sərhədlərindən kənarda qalan, əslində, bizim tarixi torpaqlarımız olan ərazilərdə xalqımızın maddi abidələri kimi qeyri-maddi mədəni irsi də vəhşicəsinə talan edilib. Bu bizi çox ciddi narahat edir. Amma deməklə, ermənilərin bu sahədə gördüyü çirkin işlər barədə danışmaqla bunun qarşısını almaq olmaz. Onların siyasəti belədir və bu işi görürlər. Bunun qarşısını almağın yolu ayrıdır. Öz malına yiyə durmalısan, sahiblənməlisən. Bundan ötrü, məncə, ilk növbədə biz qeyri-maddi mədəni irsimizin siyahısını çıxarıb YUNESKO-ya təqdim eləməliyik.
Nəhayət, qeyri-maddi mədəni irsimizi biz özümüz qorumalıyıq. Baxın, Azərbaycanda Azərbaycan dilinə, Azərbaycan folkloruna, Azərbaycan musiqisinə, adətlərimizə münasibət necədir? Mənə elə gəlir ki, bu Konvensiyaya qoşulmaqdan əlavə biz payız sessiyasında və üzümüzə gələn sessiyalarda Azərbaycanda toy, yas adətləri haqqında müəyyən qanunlar qəbul eləməliyik. Bu gün bizim dədə-babadan qalmış bütün adətlərimiz eybəcər şəkildə məhv edilir, pulun hökmü ilə bir dənə normal adət qorunmur.
Burada bir məsələyə də toxunuldu. Biz qoşulduğumuz konvensiyalara necə əməl edirik? Güman edirəm ki, ən qısa müddətdə biz bütün beynəlxalq təşkilatları və səfirlikləri İçərişəhərdən çıxarmalıyıq. Çünki İçərişəhərə maşın axını güclənib. Mən hələ qala divarlarından balkon çıxaranları demirəm. Amma oradan səfirliklər çıxarılmasa, İçərişəhər ən yaxın vaxtlarda elə maşın karvanının altında bərbad vəziyyətə düşəcək, necə ki, bu proses indi gedir. Mən hesab edirəm ki, Konvensiyaya qoşulmaqla yanaşı, biz ən qısa müddətdə həmin siyahıları tərtib etməli və bundan əvvəlki konvensiyaların yerinə yetirilməsi haqqında düşünməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Çox sağ olun. Payız sessiyasının başlanması münasibəti ilə hər birinizi ürəkdən təbrik edirəm. Son dərəcə məsuliyyətli və səmərəli işinizdə hər birinizə uğurlar, cansağlığı diləyirəm.
Mən hörmətli həmkarlarımın fikirləri ilə razıyam ki, təqdim edilmiş Konvensiya son dərəcə əhəmiyyətlidir, vacibdir və biz səs verib onu qəbul etməliyik. Bunun zəruriliyi haqqında hörmətli həmkarlarımız kifayət qədər arqument gətirdilər. Mən də o arqumentlərin bəziləri üzərində bir daha dayanmaq istəyirəm. Bu Konvensiyanın vasitəsi ilə biz YUNESKO-nun xətti ilə, hətta Konvensiyanın vermiş olduğu imkanlar daxilində Baş Assambleyanın xətti ilə Azərbaycanın qeyri-maddi mədəniyyət irsinə təcavüzün qarşısını almaq imkanları əldə edirik. Bəllidir ki, bu gün Azərbaycanın təkcə musiqisi qonşular tərəfindən mənimsənilməyib. İstər Ermənistanda – Azərbaycanın tarixi torpaqlarında, istərsə də işğal olunmuş ərazilərimizdə yer adları, yaşayış məskənlərinin adları dəyişdirilərək başqa adlar qoyulur. Konvensiya imkan verir ki, bu məsələ də YUNESKO səviyyəsində, ehtiyac olarsa, Baş Assambleya səviyyəsində qaldırılsın və Azərbaycanın tələbləri beynəlxalq səviyyədə təmin edilsin. Bu Konvensiya bizə Azərbaycandan kənarda, Gürcüstan ərazisində, Rusiyanın Dağıstan Respublikasında kompakt yaşayan azərbaycanlıların dilinin qorunması üçün də əlavə imkanlar, əlavə hüquqi baza yaratmış olur.
Bu Konvensiyadan irəli gələn bir sıra vəzifələr, bir sıra vacib məqamlar Azərbaycan qanunvericiliyində öz əksini tapmalıdır, ayrı-ayrı qanunlarda əlavə və dəyişikliklər edilməlidir. Sabir Rüstəmxanlının o fikri ilə mən də tamamilə şərikəm ki, müəyyən dərəcədə ənənəyə söykənən bir sıra vacib məqamlar da Azərbaycan qanunları ilə tənzimlənməlidir. Bu gün Azərbaycanın yasları az qala toy mərasimlərinə çevrilib, toy mərasimləri də dəlixana vəziyyətinə gətirilib çıxarılıb. Bunlar da Azərbaycan qanunları çərçivəsində tənzimlənməlidir, müvafiq tövsiyələr verilməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Qənirə xanım Paşayeva.
Q. Paşayeva. Qeyri-maddi mədəni irsin dünya səviyyəsində qorunması bu gün bütün dünya xalqları üçün ən vacib məsələlərdən biridir. Ona görə də bu Konvensiyanın əhəmiyyəti çox böyükdür. Mən bütün həmkarlarımı bu sənədi ratifikasiya etməyə çağırıram. Onun bizim üçün əhəmiyyəti nədir? Gəlin, bir neçə il bundan əvvələ nəzər salaq. Bir neçə il bundan əvvəl həmin siyahılarda heç Azərbaycanın adı çəkilmirdi. Amma son illərdə, xüsusilə Mehriban xanım Əliyeva YUNESKO-nun xoşməramlı səfiri seçiləndən sonra bu sahədə işlər xeyli dəyişilib. Bu gün bizim siyahımız kifayət qədər genişdir. Əgər biz maddi irs siyahısına baxırıqsa, artıq Qobustanla bağlı müzakirələr çox müsbət bir nöqtədədir. Qeyri-maddi mədəni irs siyahısında isə bu gün Azərbaycan muğamı YUNESKO-nun siyahısındadır. Bundan başqa, Novruz bayramı, aşıq sənəti ilə də bağlı danışıqlar gedir. Bunlar çox asanlıqla başa gələn işlər deyil. Bəlkə kim isə düşünə bilər ki, biz qeyri-maddi mədəni irs nümunələrinin siyahısını YUNESKO-ya veririk, o da bunu götürüb öz siyahısına salır. Bu belə deyil. Bununla bağlı çox gərgin iş gedir, müzakirələr gedir. Hər bir xalq, millət müvafiq müzakirələrdə sənədlərlə təsdiq etməlidir ki, hansı nümunələr məhz bu xalqa məxsusdur. Çünki bəzən bir sıra nümunələrlə bağlı müxtəlif xalqlar arasında mübahisələr də gedir. Siz ermənilərin YUNESKO-ya neylə bağlı son müraciətlərini, yəqin ki, bilirsiniz. Bizim qeyri-maddi mədəni irs nümunələrimizə sahib çıxmaq istəyən digər qonşularımız da var.
Bu gün YUNESKO-da bütün türk dünyası cəmi iki xoşməramlı səfirlə təmsil olunur. Bunlardan birincisi Ömər Zülfi Livanelidir, ikincisi Mehriban xanım Əliyevadır. Türkdilli xalqların artıq iki nümayəndəsinin bu təşkilatda təmsil olunması bu kimi cəhdlərin qarşısının alınmasına, qeyri-maddi mədəni irs nümunələrimizin bu siyahıda artmasına, təbii ki, müsbət təsir göstərir.
Mən bir daha demək istəyirəm ki, biz bu Konvensiyanı ratifikasiya etməliyik. Çünki onu ratifikasiya etməyimiz indiki məqamda bizim bu sahədə işlərimizin sürətlənməyinə kömək edə bilər. Bütün həmkarlarımı bu Konvensiyanın qəbuluna səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Hörmətli Milli Məclis üzvləri! Mənə elə gəlir, qıraqdan bizə qulaq asanlarda belə bir təsəvvür formalaşır ki, biz qeyri-maddi mədəni irs nümunələrimizi ona görə qorumaq istəyirik ki, buna daha artıq dərəcədə ermənilər təcavüz edirlər və sahib dururlar. Ermənilərdən başqa, türksoylu xalqların özündə də bu cür cəhdlər var və buna kifayət qədər misallar gətirmək olar. Ona görə də mən bütün məsələlərə erməni kontekstindən yanaşılmasının qəti əleyhinəyəm. Ermənilər olmasaydı, biz qeyri-maddi mədəni irs nümunələrimizi qorumalı deyildik?
Biz bu qeyri-maddi mədəni irs nümunələri müəlliflərinin necə unudulduğunu illər uzunu həm tarixdə, həm də indi görməkdəyik. Hər hansı bir deyim, hər hansı bir ifadə, fərdi bir söz sonra ümumxalq yaradıcılığı nümunəsinə, xalq mahnısına, məsəl və ya atalar sözünə çevrilir. Beləliklə, onun müəllifi unudulur, hafizələrdən itir. Amma gəlin görək bunun qorunmasını biz necə təmin edə bilərik. Bunun həyata keçirilməsi, əlbəttə, xeyli iş və zəhmət tələb edir. Biz “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun qəbul etmişik. Görün heç bir evimiz düşüb itər? Gəlin, bütün qeyri-maddi mədəni irsimizi, mənəvi irsimizi, şifahi xalq yaradıcılığı nümunələrinin hamısını aktlaşdıraq, kataloqlaşdıraq, reyestrləşdirək. Bu, mənə elə gəlir, onun beynəlxalq aləmdə yox, birinci, daxildə qorunmasını təmin edəcək. Ona görə mən bu təklif üçün çıxışa yazılmışdım. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox üzr istəyirəm. Konvensiyanın qəbul olunub-olunmasından söhbət gedir. Qəbul edirsiniz, ya etmirsiniz? Burada nəyi isə dəyişmək, nəyi isə əlavə etmək mümkün deyil. Komissiya sədrlərinə həmişəki kimi mənim bir iradım var. Onu yenə də təkrar edirəm. Mən “identifikasiya” sözünü qəbul etmirəm. Bu söz Azərbaycan dilində yazıla bilər. “İrsin müxtəlif aspektlərinin dirçəldilməsi aspektləri”, “Reprezentativ siyahı”, “ədalətli rotasiya prinsipləri” kimi ifadələri də həmçinin, qəbul etmirəm. Bu o demək deyil ki, bütün sözlər dilimizdə olmalıdır. Elə sözlər var ki, beynəlxalq səviyyədə, bütün dünya tərəfindən qəbul edilmiş hüquqi anlayışlardır. Bunları Azərbaycan dilində izah etmək üçün gərək ikinci bir konvensiya yazaq. Ancaq “identifikasiya”, “aspekt”, “rotasiya” kimi sözlər gözümə sataşanda, mən özümü bir balaca narahat hiss edirəm. İndi gəl başa sal, “rotasiya” nədir, “reprezentativ” nədir, “identifikasiya aspektləri” nədir və sair. Hamıdan xahiş edirəm, belə şeylərə fikir verək.
Sədrlik edən. Çox sağ olun. Nə təklif var, hörmətli həmkarlar? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.42 dəq.)
Lehinə 92
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 93
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında Müqavilənin təsdiq edilməsi barədə. Valeh müəllim, buyurun.
V. Ələsgərov, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Təşəkkür edirəm. Hörmətli Ziyafət müəllim, deputat həmkarlar, xanımlar və cənablar! Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyası Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında neftin Qazaxıstan Respublikasından Xəzər dənizi və Bakı-Tbilisi-Ceyhan sistemi vasitəsilə Azərbaycan Respublikasının ərazisi ilə beynəlxalq bazarlara nəql edilməsinə dəstək verilməsi və şərait yaradılması haqqında Müqavilənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsini Milli Məclisin müzakirəsinə tövsiyə etmişdir.
Əminəm ki, bugünkü müzakirə nəticəsində bu qanun və adı çəkilən müqavilə Milli Məclis tərəfindən yekdilliklə təsdiq ediləcək. Əminəm, ona görə ki, birincisi, bu müqavilə Azərbaycanın həm siyasi, həm iqtisadi, həm də geostrateji maraqlarına cavab verir. İkinci tərəfdən, bu sənəd layihəyə dəstək verir, layihəni təşviq edir və layihəni həyata keçirmək istəyən şirkətləri, qurumları yeni sazişlərin hazırlanmasına yönəldilmiş danışıqlara cəlb edir.
Bu müqavilə, bu qanun Azərbaycanın yeni rolunu da bərqərar edir. Azərbaycan ancaq neft və qaz hasil edən yox, həm də böyük miqdarda neft və qazın tranzitini, dünya bazarlarına nəqlini təmin edən bir ölkəyə çevrilir. Önəmlisi budur ki, nəqletmə vasitələri Bakı-Tbilisi-Ceyhan kəməridir, Bakı-Tbilisi-Ərzurum qaz kəməridir. Mən inanıram ki, gələcəkdə bu transxəzər daşımalarına aid layihə həyata keçiriləndən sonra bununla paralel olaraq adlarını çəkdiyim kəmərlərin genişlənməsindən, yeni kəmərlərin tikilməsindən də söhbət gedəcəkdir. Müqavilədə söhbət konkret öhdəliklərdən yox, əsasən, Transxəzər layihəsinin dəstəklənməsindən və onun həyata keçirilməsi üçün şərait yaradılmasından gedir. Konkret öhdəliklər, konkret hüquqlar, konkret maraqlar, imtiyazlar, ödənişlər və sair yeni müvafiq sazişlərdə geniş şəkildə izah olunacaq, açıqlanacaqdır. O sazişlər də sizə göstəriləcək və burada təsdiq olunacaq. Bu qanunun məqsədi yeni, önəmli, vacib layihəni təsdiq etmək, dəstəkləmək, onun həyata keçirilməsinə şərait yaratmaq, sərmayəçiləri, daşıyıcıları və başqa qurumları bu layihəyə və buna bənzər layihələrə dəvət etmək, cəlb etməkdir. Ona görə də əminəm ki, müzakirədən sonra bu qanun layihəsinə yekdilliklə səs verib təsdiq edəcəyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Valeh müəllim. Nə təklif var? Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.47 dəq.)
Lehinə 102
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatının təsdiq edilməsi haqqında. Səməd müəllim, buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq 2006-cı il fevralın 22-də Bakı şəhərində imzalanmış Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatı təsdiq olunmaq üçün Milli Məclisə təqdim olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti hörmətli İlham müəllimin dəvəti ilə Rusiya Federasiyasının Prezidenti Vladimir Putin 2006-cı il fevralın 21-22-də Azərbaycan Respublikasında işgüzar səfərdə olmuşdur. Azərbaycan-Rusiya münasibətlərində geniş spektr məsələləri müzakirə edib, iki ölkə arasında olan strateji tərəfdaşlığın genişlənməsini və inkişaf perspektivlərini nəzərdən keçirən iki dövlət başçısı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında 3 iyul 1997-ci il tarixli Dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında Müqaviləyə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının 9 yanvar 2001-ci il tarixli Bakı Bəyannaməsinə, Azərbaycan Respublikası ilə Rusiya Federasiyasının 6 fevral 2004-cü il tarixli Moskva Bəyannaməsinə dəyişilməz sadiqliklərini təsdiqləyərək, dövlətlərarası münasibətləri siyasi, iqtisadi, hərbi və humanitar sahələrdə çoxplanlı əməkdaşlığın təkmilləşdirilməsi yolu ilə keyfiyyətcə yeni səviyyəyə qaldırmaq niyyətlərini ifadə etmişlər.
Bu bəyanatda Sizin diqqətinizi bir neçə məqama cəlb etmək istəyirəm. Azərbaycan-Rusiya münasibətləri bütün istiqamətlərdə inkişaf etmək üzrədir. İqtisadi nöqteyi-nəzərdən dövlət başçıları bəyan edirlər ki, son illərdə ikitərəfli ticarət dövriyyəsinin artırılması bu münasibətlərin məntiqi nəticəsidir və bu istiqamətdə fəaliyyət davam etdirilməlidir.
Prezidentlər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla tezliklə həll olunması üçün BMT-nin Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin həyata keçirilməsini və ATƏT-in Minsk qrupunun həmsədrlərinin -- Rusiya, ABŞ və Fransanın vasitəçiliyi ilə sülh danışıqlarının yüksək səviyyədə davam etdirilməsini tövsiyə etmişlər.
Prezidentlər Müstəqil Dövlətlər Birliyinin müxtəlif sahələrdə fəaliyyətinin səmərəliyinin artırılması məqsədi ilə MDB orqanlarının islahatlarının aparılması zəruriyyətini xüsusi vurğulayıblar ki, bu da, əlbəttə, çox vacib və əhəmiyyətli bir məsələdir.
Ən vacib məsələlərdən biri də budur ki, prezidentlər Xəzər dənizinin bölgüsü ilə bağlı Tehranda geniş konfransın keçirilməsi niyyətini bu Bəyanatda ifadə ediblər.
Bir sözlə, dövlət başçıları Azərbaycan-Rusiya münasibətlərinin bütün sahələrdə yeni müstəviyə, daha yüksək səviyyəyə qaldırılması vacibliyini vurğulayıblar.
Rusiya kimi bir dövlətlə əlaqələrin bu səviyyədə qurulması, təbii ki, Azərbaycanın milli maraqlarına tam uyğundur və ona görə komissiyamız bu Bəyanatın Milli Məclisin müzakirəsinə verilməsini yekdilliklə tövsiyə etmişdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Birgə Bəyanatı diqqətlə oxudum. Bəyanatın Azərbaycan və Rusiya xalqları arasında dostluq və etimad bağlarının daha da möhkəmləndirilməsi zərurətindən bəhs edən hissəsi, təbii ki, mənə dolanmaq, ailələrini saxlamaq üçün Rusiyaya getmiş həmyerlilərimizin vəziyyəti ilə əlaqədar qəzetlərdə oxuduğum məlumatları, həmçinin televiziyada seyr etdiyim vəhşicəsinə döyülmə səhnələrini xatırlatdı. Diqqətimi çəkən əsas məsələ də məhz bəyanatın imzalandığı fevral ayından sonra Rusiyanın ayrı-ayrı şəhərlərində azərbaycanlılara qarşı cəza tədbirlərinin intensivləşdirilməsi faktı oldu. Televiziyada nümayiş etdirilən səhnələri gözlərim önünə gətirdikcə bir suala cavab axtarmalı oldum. Görəsən, hər iki ölkənin gəncləri arasında mədəniyyət, elm və təhsil, informasiya, turizm və idman sahəsində əməkdaşlığın genişləndirilməsi orada hüquqsuz vəziyyətdə yaşayan həmyerlilərimizin təhlükəsizliyini təmin edəcəkmi?
Azərbaycanda ruslar üçün hər bir şərait yaradılmışdır. Bunu rusların özləri də etiraf edirlər. Rus dilinin inkişafına göstərilən qayğı, rusların rifahının təmini, mədəniyyətinin təbliği, onların tam təhlükəsizlik şəraitində yaşaması inkarolunmaz gerçəklikdir. Bəs bunun müqabilində Rusiyada azərbaycanlılar üçün hansı şərait yaradılmışdır? Rusiyanın ayrı-ayrı regionlarında həftənin müəyyən günlərində OMON-çuların azərbaycanlılar işləyən bazarlara hücumları, onlardan pul toplamaları, pul verməyənlərin iri avtobuslara doldurulması və pul verənə qədər orada saxlanılması və ya vəhşicəsinə döyülməsi artıq adi həyat normasına çevrilmişdir. Az qala hər gün bir azərbaycanlı öldürülür, xəsarət alır və ya yaşadığı şəhərdən çıxarılır. Təkcə son 3 ay müddətində Kareliyada, Samarada, Saratovda baş verənləri, azərbaycanlılara qarşı həyata keçirilən vəhşilik aktlarını, sözün əsl mənasında, döyüş səhnələrini xatırlamaq kifayətdir.
Artıq ictimai mühitdə bu əməliyyatların dövlət səviyyəsində himayə edilməsi haqqında rəy formalaşmışdır. Son 20-25 gün müddətində azərbaycanlılara divan tutmuş skinxetlərin ya tutulmaması, ya da tutulandan sonra yüngül cəza ilə azad olmaları heç kimin diqqətindən yayınmır. Hətta iş o yerə çatıb ki, azərbaycanlıların paytaxtdan çıxarılması üçün mitinqlər keçirilir. Rusiyanın parlamentində azərbaycanlılara qarşı bu siyasəti dəstəkləyən deputatların da sayının artması isə çox gizli mətləblərdən xəbər verir.
Hörmətli deputatlar, mən şübhə etmirəm ki, Rusiyada azərbaycanlılara qarşı törədilən zorakılıq hərəkətlərinin üçdə biri Azərbaycanda yaşayan ruslara qarşı törədilsəydi, Rusiya bu hadisələrə hətta dövlət səviyyəsində reaksiya verərdi. Rusiyada isə azərbaycanlılara qarşı zorakılıq hər gün davam etdirilir. Orada yaşayan, ağır şəraitdə pul qazanaraq ailələrini saxlayan insanlar bizim millətin nümayəndələridir. Məhz buna görə də onlara qarşı həyata keçirilən vəhşilik aktları bizi ciddi düşündürməlidir. Ümumi müddəaları əks etdirən belə bəyanatlarla yanaşı, orada yaşayan azərbaycanlılarla bağlı proseslərə rəsmi şəkildə müdaxilə edilməlidir. Azərbaycanlıların Rusiyada normal yaşayışını, onların təhlükəsizliyini təmin etmək üçün dövlətin imkanlarından maksimum istifadə edilməli, Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin məsuliyyəti artırılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Mən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Birgə Bəyanatını yüksək qiymətləndirir, ələlxüsus dövlət suverenliyi, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsiplərinin bu bəyanatda öz əksini tapmasını dəstəkləyirəm. Amma məndən qabaq çıxış edən natiqlə tam razıyam. Güman edirəm ki, hər birimizi Rusiyada azərbaycanlılara qarşı günü-gündən güclənən neqativ meyillər narahat etməlidir.
Paradoksal bir vəziyyət yaranıb. Dövlət səviyyəsində, iqtisadiyyat sahəsində, mədəniyyət sahəsində heç bir ciddi problem yoxdur, əlaqələr genişlənir, mülayimləşir. Bu günlərdə keçirilən rus kitabının birinci beynəlxalq festivalı buna əyani sübutdur. Amma məişət səviyyəsində Rusiya əhalisinin təsəvvürlərində müəyyən siyasi qüvvələrin köməyi ilə azərbaycanlının çox neqativ bir obrazı yaradılıb. Vəziyyət sürətlə kəskinləşir.
Rus kitabının festivalına gələn bir sıra yazıçı və publisistlərlə səmimi söhbətlərim olub. Onlar təəssüflə, narahatlıqla qeyd etdilər ki, əvvəllər Rusiyada əhali tərəfindən ən neqativ münasibət gürcülərə qarşı idisə, sonra onların yerini çeçenlər tutdular. Axır zamanlarda isə ən pis münasibət azərbaycanlılara qarşıdır. Bunu Rusiyada keçirilən bütün sosioloji sorğularda da görmək olar. Biz bunun acı nəticələrini Rusiyada günahsız qətlə yetirilən insanların tabutlarının az qala hər gün Bakıya gətirilməsində də görürük. Mən bununla bağlı bizim VAAQ adlanan quruma, səfirliyin əməkdaşlarına müraciət etmək istəyirəm. Onlar elə bil düşmənlərimizin dəyirmanına su tökərək çoxsaylı qəsd hadisələrini milli zəmində baş verən hadisə kimi yox, azərbaycanlı biznesmenlər arasında kriminal “razborka” kimi qələmə verirlər. Sual olunur, nəyə görə Azərbaycanda ticarətçilər, biznesmenlər bir-biri ilə sivil qaydada davranırlar, amma Moskva, Sverdlovsk və digər rus şəhərlərində birdən-birə quduzlaşıb isti və soyuq silaha əl atırlar? Demək lazımdır ki, Rusiya-Azərbaycan Konqresi deyilən qurum bu istiqamətdə çox zəif iş aparır və azərbaycanlıların hüquqlarını lazımi səviyyədə müdafiə edə bilmir.
Biz, millət vəkilləri, Milli Məclis bu problemlə dərindən məşğul olmuruq. Təklif edirəm ki, Milli Məclis üzvlərindən ibarət bir qrup təcili Rusiyaya yollansın, müxtəlif səviyyədə görüşlər keçirsin, rus mətbuatına müsahibələr versin və problemi öyrənib bizim qarşımızda çıxış etsin. Eyni zamanda, Rusiya Dumasının deputatlarını Azərbaycana təcili dəvət etmək lazımdır. Çünki bir çox millətçi, şovinist çıxışlar məhz Rusiya deputatları tərəfindən edilir. Nəhayət, hesab edirəm ki, Milli Məclis Rusiyada güclənən antiazərbaycan meyillərə qarşı bir bəyanatla çıxış etməli və onu Rusiya Federasiyasının Dövlət Dumasına göndərməlidir.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli Ziyafət müəllim, mən Elmira xanımın təkliflərinə müəyyən dərəcədə tərəfdaram. Lakin bir təkliflə çıxış etmək istəyirəm. Xahiş edirəm, Milli Məclisin rəhbərliyi Rusiya səfirliyini Milli Məclisə dəvət etsin, Milli Məclisdə bu gün çox haqlı olaraq deyilən narahatlıqlar onun diqqətinə çatdırılsın ki, o da məsələni öz dövlətinin rəhbərliyinə çatdıra bilsin. Sağ olun.
Sədrlik edən. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun. Mən Elmira xanımın dedikləri ilə tamamilə razıyam. Mətbuatdan oxuduğum, bildiyim məsələni buradan səsləndirmək istəyirəm. Moskvada bir qurum var, o qurumun rəhbəri Sadıqov familiyalı bir azərbaycanlıdır. Sadıqov erməni jurnalistinə çox ləyaqətsiz bir müsahibə verib. Mən o müsahibəni oxumuşam və orada çox mənfi məqamlara rast gəlmişəm. O özü etiraf edir ki, Moskvada çox güclü bir biznesi var, bütün biznesini ermənilərlə qurmuşdur və rəhbərlik etdiyi cəmiyyətdə erməni kompüterçilər işləyirlər. Mən hesab edirəm, buradan gedib onunla da görüşəydik pis olmazdı. O bizə bir məlumat verəydi ki, bu cür açıqlama vermək nəyə lazımdır. Çox sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Mən də Elmira xanımın təklifini dəstəkləyirəm. Məncə, parlament adından Rusiya Dumasına bir müraciət göndərmək lazımdır. Çünki Elmira xanımın dediyi kimi, Rusiya cəmiyyətində azərbaycanlılara qarşı bu neqativ meyillər artır. Niyə artır bu meyillər? Bu meyilləri iki qrup formalaşdırır. Birincisi, Rusiya Dumasındakı bəzi deputatlar, ikincisi, Rusiyanın kütləvi informasiya vasitələri. Ona görə mən xahiş edirəm, Rusiya Dumasına müraciət göndərək ki, Rusiya cəmiyyətində azərbaycanlılara qarşı artan bu cür münasibətin qarşısını almaq üçün onlar öz çıxışlarında çox ehtiyatlı olsunlar. Çünki deputatlar və kütləvi informasiya vasitələri orada fəaliyyət göstərən azərbaycanlılara qarşı çox açıq şəkildə mənfi fikirlər işlətdikdə cəmiyyətdə də onlara qarşı mövqe yaranır. Bu mövqe ondan ibarətdir ki, guya azərbaycanlılar Rusiyanın biznesini, ticarətini ələ keçirirlər. Təbii ki, bu cür fikirlər yerlərdə azərbaycanlılara qarşı müəyyən mənfi meyillər yaradır.
Belə bir müraciəti kütləvi informasiya vasitələrinə, cavabdeh təşkilatlara göndərsək, yaxşı olar. Çünki kütləvi informasiya vasitələri gərək ayrı-seçkiliyə yol verməsin. Hər bir ölkədə insanlar cinayət törədə bilərlər. Azərbaycanda da cinayət törədirlər, ancaq biz radio, televiziya verilişlərimizdə demirik ki, bax, bu cinayəti törədən adamın milliyyəti budur, bu cinayəti törədən adam filan yerdən gəlib, cəmi bir il bundan əvvəl gəlib, bu qədər qazanıb. Amma çox təəssüf ki, Rusiyanın kütləvi informasiya vasitələri xüsusilə bu milliyyət məsələsinə çox böyük diqqət verirlər. Bu isə cəmiyyətin azərbaycanlılara qarşı köklənməsinə xidmət edir. Ona görə mən Elmira xanımın fikri ilə razıyam ki, biz mütləq buna reaksiya verməliyik.
Sonra, Rusiyada Azərbaycanlılar Konqresi ilə bağlı məsələyə bayaq Elmira xanım da toxundu. Bəli, bu gün əgər Rusiyada fəaliyyət göstərən Azərbaycan cəmiyyətləri ilə görüşsək, görərik ki, bu Konqresdə birləşən Azərbaycan cəmiyyətləri arasında lazımi səviyyədə münasibətlər yoxdur. Mənə elə gəlir ki, bununla da bağlı müəyyən bir aydınlaşma olmalıdır.
Eyni zamanda, Azərbaycanın səfirliyi oradakı dövlət təşkilatları ilə bu məsələlər barədə ciddi danışıqlar aparmalıdır. Çünki əgər bir ölkədə cəmiyyətdə hər hansı bir millətə qarşı aqressiv və neqativ fikirlər artırsa, bu sonradan çox pis hallara gətirib çıxarar və biz bunu artıq sorğulardan da görürük. Belə halların qarşısını almaq üçün bu cür addımların atılması yaxşı olardı. Sağ olun.
Sədrlik edən. Zeynəb xanım Xanlarova.
Z. Xanlarova. Bilirsiniz ki, mən həmişə xalqla, torpaqla əlaqədar məsələ olanda danışıram. Elmira xanımın dedikləri mənə o qədər güclü təsir elədi ki, mən danışmaya bilməzdim. Çünki mən bu işin içindəyəm, mənə də ölənlərin adamları çox müraciət edirlər. Bilirsiniz, indi yaxşı-pis, mən xalqın içində tanınmış adamam. Mənə həmişə üz tutur, şikayət edirlər. Lap bu yaxında öldürülən bir biznesmenin ailəsi gəlib mənə ağlaya-ağlaya deyir ki, niyə belə yalan şayiələr yayırlar ki, guya bu, biznesmenlə biznesmen arasında olan ixtilafın nəticəsidir. Nə qədər insan qırılır, hamısını elə bu səbəblə bağlayırlar. Nə oldu, elə azərbaycanlı azərbaycanlını öldürdü?
Mən çox istərdim ki, Elmira xanımın dediyi kimi, Dumaya müraciət edək. Bəsdir də, Rusiyada nə qədər azərbaycanlı öldürülər? Mənə elə gəlir, Rusiyada nə Gürcüstandan, nə də Ermənistandan bizim azərbaycanlılar qədər qırılan olmayıb. Axır vaxtlar lap çox qırılır. Öldürülənlərin sayı günü-gündən artır. Bu nə oldu? Yaxşı, bazarda bunların meyvəsini yeyirsiniz, meyvə olmayanda dəli olursunuz. Bəs niyə bunları qırırsınız? Ya bəhanə eləyirlər ki, bazar uçuldu, ya da... Bunlar hamısı azərbaycanlılara qarşı düşmənçilik hərəkətlərinin həyata keçirilməsi üçün bəhanədir. Açığını deyim sizə, bu bizim xalqımıza, millətimizə qarşı terrordur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Təbii ki, bu Bəyanatı təsdiq eləməliyik. Yadınıza salmaq istəyirəm ki, Azərbaycanla Rusiya arasında böyük bir ticarət dövriyyəsi var və əsas iqtisadi əlaqələrimiz də yaxın qonşumuz olan Rusiya ilə qurulmuşdur.
İkinci bir məqama toxunmaq istəyirəm. Son zamanlar Rusiyada məscidlərin yandırılması ilə bağlı xüsusən orada yaşayan gənclərdən bizə müxtəlif məlumatlar daxil olub. Bununla əlaqədar biz Moskvada müxtəlif diaspor təşkilatlarına müraciət eləmişik. Amma təəssüflər olsun ki, bu günə qədər onlardan heç bir cavab yoxdur.
Bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Rusiyada bizim çoxlu tələbələrimiz var. Onlar bizə şikayətlənirlər ki, problemləri barədə diaspor təşkilatlarına müraciət eləyəndə o tərəfdən heç bir xəbər çıxmır, heç bir cavab gəlmir. Ona görə mən bayaq deyilən təkliflə razıyam ki, bizim müxtəlif dövlət qurumlarının, xüsusən də Xaricdə Yaşayan Azərbaycanlılarla İş Üzrə Dövlət Komitəsinin nümayəndələri bura çağırılsın və biz bilək ki, hazırda bu sahəsə vəziyyət necədir. Nə qədər müraciət olunur, onların elektron poçt ünvanları, kontaktları, faksları... Gənclər bizə şikayət eləyirlər ki, onlar ora müraciət eləyəndə heç bir cavab ala bilmirlər. Xahiş eləyirəm, biz bunu nəzərə alaq və Rusiyadakı diaspor təşkilatlarına bir sorğu göndərək. Biz gənclər təşkilatı olaraq Rusiya Gənclər Təşkilatına bununla bağlı sorğu göndərmişik və bu yaxınlarda cavab alacağıq. Amma istərdik ki, bizim diaspor təşkilatlarımız da bu işdə fəal olsunlar. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli İltizam Əkbərlinin və Elmira xanımın burada dediklərinə mən də qoşuluram və müdafiə edirəm. Bizim yadımızdan bir məsələ də çıxmalı deyil ki, bu yaxınlarda Birləşmiş Millətlər Təşkilatının Baş Məclisində Qarabağ məsələsinin müzakirəsi zamanı Rusiyanın bu məsələnin müzakirəyə çıxarılması əleyhinə səs verməsi Rusiya tərəfinin heç də bu bəyanatda ifadə olunmuş deklarativ mövqeyinə, yəni bu münaqişənin Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələrinə uyğun olaraq nizama salınması haqqında müddəaya uyğun gəlmir.
Bir məqama da diqqəti cəlb eləmək istəyirəm. Azərbaycan Konstitusiyasına görə, Azərbaycan vətəndaşının harada yaşamasından asılı olmayaraq onun hüquqlarının qorunması Azərbaycan dövlətinin, Azərbaycan hökumətinin konstitusion vəzifəsidir. Bununla əlaqədar olaraq Moskva şəhərində və Rusiyanın bir sıra digər yerlərində olan vətəndaşlarımız konkret olaraq Xarici İşlər Nazirliyinin, xaricdə yaşayan soydaşlarımızla əlaqə komitəsinin və xüsusən Rusiyada Azərbaycan səfirliyinin və konsulluqlarının onlara kifayət qədər yardım göstərməməsindən kütləvi şəkildə şikayət edirlər. Nümunə üçün Çin Xalq Respublikası səfirliyinin Moskvadakı fəaliyyəti həmişə nümunə gətirilir. Hazırda Moskvada çinlilərin sayı artıq azərbaycanlıların sayını keçməkdədir. Amma onların istər biznes fəaliyyəti, istərsə də məişət fəaliyyəti həmin ölkənin səfirliyi tərəfindən rəsmi şəkildə olduqca qorunur.
Mən hesab edirəm ki, Rusiya bizim vətəndaşlarımız, dövlətimiz və cəmiyyətimiz üçün çox ciddi əhəmiyyətli bir ölkə olduğuna görə bu istiqamətə rəsmi səviyyədə diqqət yönəlməlidir. Yəni biz Rusiya Dövlət Dumasına, rus ziyalılarına müraciətlə yanaşı, Xarici İşlər Nazirliyinə, bizim xaricdəki soydaşlarımızla iş aparan komitəyə, səfirlik və konsulluqlarımıza müraciətlər ünvanlamalı və bu sahədə vəziyyətin yaxşılaşdırılması üçün konkret iş görülməsini tələb etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, hörmətli Ziyafət müəllim. Mən burada bəzi deputatların çıxışını dinləyəndə elə bildim ki, Sovet İttifaqının dağılması ərəfəsindəyik və biz o vaxt hər hansı bir hadisə olan kimi ittifaq rəhbərliyinə, ittifaq Ali Sovetinə müraciətlər qəbul etdiyimiz kimi bu gün də müraciətlər qəbul eləməliyik. Mən elə bilirəm, bu, yanlış bir şeydir. Rusiya ilə Azərbaycan strateji müttəfiqdir və bu gün prezidentlərin təqdim olunan Bəyanatı da bu istiqamətdə atılan addımlardan biridir.
Xaricdə yaşayan azərbaycanlıların Rusiyada və ya hər hansı bir başqa yerdə hüquqlarını qorumaq üçün dövlət səviyyəsində çox ciddi işlər görülür. Ümummilli liderimiz vaxtında bununla bağlı müvafiq komitənin yaradılması haqqında fərman imzalayıb və indi Prezident cənab İlham Əliyev tərəfindən bu komitəyə lazımi səviyyədə dəstək verilir. Bu günlərdə dövlət büdcəsi təsdiq olunanda biz onun da əvvəlkilərdən daha zəngin büdcəsini təsdiq eləyəcəyik. Biz müstəqil dövlətik. Biz xaricdə yaşayan vətəndaşlarımızın və ya xaricdə yaşayan soydaşlarımızın hüquqlarını qorumaq üçün müəyyən addımlar atmalıyıq. Amma bunu hansısa Dumaya, hansısa senata, hansısa konqresə müraciət formasında eləmirlər. Biz ya etiraz edirik, ya da ölkə daxilində bununla bağlı müvafiq icra strukturları vasitəsi ilə addımlar atırıq. Keçmişdən ibrət almaq lazımdır. Dumanın tərkibi müxtəlifdir. Orada milliyyətçi də var, faşist də var, kommunist də var, Rusiyanı sevən də var, hələ imperiya təfəkküründən xilas olmayan da var. Ona görə hər hadisəni şişirdərək ümumiləşdirməyə ehtiyac yoxdur. Hesab edirəm, biz bu Bəyanatı ratifikasiya eləməliyik və bu bizim vəzifəmizdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Təkid eləyən var? Mən də hesab edirəm ki, bu sənəd səsə qoyulub qəbul olunmalıdır. Hərçənd mən deputat həmkarlarımın narahatlığını da başa düşürəm. Son vaxtlar Rusiyada bəzi millətçi ünsürlər baş qaldırıblar. Amma sizə deyim ki, bu, azərbaycanlılara qarşı məqsədyönlü siyasət deyil. Təəssüf ki, elə digər millətlərə də qarşı belə addımlar atılıb.
Əlbəttə, bizim qəbul edəcəyimiz bəyanatın mahiyyəti tamam başqadır. Bu, dövlətlər arasında qarşılıqlı hörmət prinsiplərinə əsaslanan bir sənəddir. Ona görə hesab edirəm ki, bu sənədi biz bu gün ratifikasiya eləməliyik. Rusiya tərəfi ilə müxtəlif orqanlar səviyyəsində aparılan işə gəlincə, mən özüm maraqlanmışam, bizim hüquq mühafizə orqanları, istər Daxili İşlər Nazirliyi, istərsə də Milli Təhlükəsizlik Nazirliyi bununla əlaqədar rusiyalı həmkarları ilə iş aparırlar və yəqin ki, bunun müsbət nəticəsi olacaqdır. Xahiş edirəm, sənədə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.13 dəq.)
Lehinə 101
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 1
İştirak edir 105
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti sənəd. “Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında” Birgə Bəyanatın təsdiq edilməsi barədə. Bəyanat bir neçə komissiyada müzakirə olunub. Səməd müəllim, yəqin, əvvəlcə Siz məlumat verərsiniz. Buyurun.
S. Seyidov. Çox sağ olun, Ziyafət müəllim. Bu bizim üçün çox əhəmiyyətli və vacib bir sənəddir. Azərbaycan Respublikası ilə Yaponiya arasında dostluq və tərəfdaşlığın daha da inkişaf etdirilməsi haqqında Birgə Bəyanat 2006-cı il martın 10-da Tokio şəhərində imzalanmışdır. Yaponiya dünyanın aparıcı, güclü ölkələrindən biridir. Belə bir ölkə ilə münasibətlərin yüksək səviyyədə qurulması Azərbaycanın maraqlarına uyğundur. Bəyanatda bu məsələ özünü tam şəkildə təsdiqləyir.
Bəyanatın bir neçə məqamı bizim üçün çox vacib və əhəmiyyətlidir. Ona görə hörmətli millət vəkillərinin nəzərinə çatdırmaq istəyirəm ki, Yaponiya Azərbaycanda gedən demokratikləşmə proseslərini yüksək qiymətləndirir və bu istiqamətdə Azərbaycanla tərəfdaş olaraq əlindən gələn yardımı göstərməyə, Azərbaycanla bütün sahələrdə əməkdaşlıq etmək üçün xüsusi proqram əsasında fəaliyyət göstərməyə hazırdır.
İqtisadi əməkdaşlıq, ikitərəfli iqtisadi əlaqələr, iki ölkənin xalqları arasında münasibətlər və bizim komissiyada xüsusi bir müzakirəyə səbəb olmuş beynəlxalq aləmdə əməkdaşlıq. Nəyə görə bu məsələyə mən millət vəkillərinin diqqətini cəlb eləmək istəyirəm? Heç kim üçün sirr deyil ki, inkişaf etmiş dövlətlər sırasında olan Yaponiya Birləşmiş Millətlər Təşkilatının özündə islahatlar aparılması təklifini irəli sürüb və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının üzvü olmaq niyyətini ifadə edib. Bu Bəyanatda ən vacib məsələlərdən biri ondan ibarətdir ki, Azərbaycan öz mövqeyini bir də təsdiqləyərək, Yaponiyanın bu niyyətini dəstəkləmək istiqamətində əməli işlər görməyə hazır olduğunu bildirmişdir. Bu o deməkdir ki, Yaponiya da Birləşmiş Millətlər Təşkilatında və başqa təşkilatlarda bizə dəstək verəcək və bizimlə əlaqələri yüksək səviyyədə quracaq.
Hər iki ölkə başçısı bəyan edir ki, Cənubi Qafqaz regionunda sülh və təhlükəsizliyin bərqərar olunması Azərbaycan Respublikasının və bölgənin digər ölkələrinin daha da inkişaf etdirilməsi üçün zəruridir. Eyni zamanda, hər iki tərəf Dağlıq Qarabağ münaqişəsinin həlli üçün ATƏT-in Lissabon sammitində qəbul olunmuş üç prinsipi əsas götürdüklərini ifadə edir. Biz çox gözəl bilirik ki, o üç prinsip nədən ibarətdir. O üç prinsipdə əksini tapan ən mühüm məsələ Azərbaycanın ərazi bütövlüyü və Dağlıq Qarabağ probleminin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasıdır.
Ümumiyyətlə, Bəyanatda Azərbaycanla Yaponiya arasında bütün sahələrdə əməkdaşlığı inkişaf etdirmək istəyi vurğulanır və bu istiqamətdə görüləcək işlərin xüsusi düşünülmüş proqramlar əsasında həyata keçiriləcəyi bildirilir. Ona görə də mən hörmətli həmkarlarımı bu Bəyanatın təsdiq olunmasına çağırıram.
Sədrlik edən. Təşəkkür edirəm, Səməd müəllim. Hörmətli deputat həmkarlarım, mən artıq qeyd elədim ki, bu Bəyanat Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında, İnsan hüquqları daimi komissiyasında, İqtisadi siyasət daimi komissiyasında da müzakirə olunub. Ona görə də mən həmin komissiyaların sədrlərinə müraciət edirəm. Əli müəllim, Ziyad müəllim, Rəbiyyət xanım, əlavəniz varmı?
S. Seyidov. Üzr istəyirəm, bu Bəyanat yalnız Beynəlxalq münasibətlər komissiyasında müzakirə olunub. Başqa komissiyalar bununla əlaqədar olan sazişləri müzakirə ediblər.
Sədrlik edən. Məndə olan variantda bu komissiyalar da yazılıb. Ona görə deyirəm. Yaxşı, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.18 dəq.)
Lehinə  93
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti sənəd. “Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Azərbaycan-Yaponiya münasibətləri haqqında çox ətraflı danışıldı. Mən qısaca bildirmək istəyirəm ki, Azərbaycan Respublikası ilə Yaponiya arasında texniki əməkdaşlıq haqqında sazişin məqsədi iki ölkə arasında mövcud olan iqtisadi və sosial əlaqələrin daha da genişləndirilməsini və inkişaf etdirilməsini təmin etməkdir.
Sözü gedən saziş 13 maddədən ibarətdir. Sazişdə texniki əməkdaşlığın təşkil edilməsi üçün hər iki tərəfin müvafiq səy göstərəcəyi qeyd olunur. Texniki əməkdaşlıq proqramı üzrə səlahiyyətli qurumlar kimi Azərbaycan tərəfindən Nazirlər Kabineti, Yaponiya tərəfindən Xarici İşlər Nazirliyi müəyyən edilmişdir. Sazişdə texniki əməkdaşlığın formaları sadalanır. Belə ki, texniki əməkdaşlıq çərçivəsində texniki təlimlərin keçirilməsi, ekspertlərin xidmətlərindən istifadə, dərin texniki biliklərə və zəngin təcrübəyə malik Yaponiya könüllülərinin Azərbaycana göndərilməsi, Azərbaycanda sosial-iqtisadi layihələr üzrə tədqiqatların aparılması üçün yapon missiyalarının ölkəmizə səfər etməsi, Azərbaycan hökumətinin avadanlıq, texnika və materiallarla təmin edilməsi nəzərdə tutulub.
Sazişdə həmçinin texniki əməkdaşlıq çərçivəsində Yaponiyadan gətiriləcək material və avadanlıqların gömrük rüsumlarından, idxal zamanı sığorta sertifikatlarının alınması tələblərindən və vergilərdən azad olunması məsələsi də öz əksini tapmışdır.
Komissiyamızda bu məsələ ətraflı müzakirə edilmiş və qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə olunmuşdur.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Səməd müəllim, əlavəniz var? Yoxdur. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.21 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir  89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti sənəd. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Sazişin (2004-2005-ci illər üzrə) təsdiq edilməsi barədə. Ziyad müəllim, buyurun.
Z. Səmədzadə. “Azərbaycan Respublikası Hökuməti və Almaniya Federativ Respublikası Hökuməti arasında texniki əməkdaşlıq haqqında” Saziş 2006-cı il iyunun 23-də Bakı şəhərində imzalanıb. Sazişə “Özəl sektorun dəstəklənməsi”, “Hüquq və məhkəmə islahatlarının dəstəklənməsi” layihələri daxildir. “Özəl sektorun dəstəklənməsi” layihəsi üzrə Azərbaycandakı tərəfdaş qurum İqtisadi İnkişaf Nazirliyidir. Layihənin icrasına 2005-ci ilin yanvar ayında başlanıb. Bu dövrə kimi texniki əməkdaşlıq çərçivəsində müəyyən işlər həyata keçirilmişdir. Məsələn, çayçılığın inkişafı üçün Şri-Lankadan dəvət olunmuş ekspert uzun müddət ölkəmizdə qalaraq Zaqatalada, Astarada texniki məsləhətlər vermişdir. Lənkəranda biznes mərkəzi yaradılmışdır, regional əməkdaşlıq çərçivəsinə regionlarda biznes konfransları keçirilmiş, metodiki kömək üçün müvafiq broşüralar çap olunmuş və sair tədbirlər həyata keçirilmişdir.
Hörmətli sədarət, qanun layihəsi komissiyada müzakirə olunarkən deputatlardan Vahid Əhmədov, Əli Məsimli və digərləri bu kimi layihələrdə şəffaflığın artırılmasını tövsiyə etdilər. Bununla əlaqədar olaraq biz İqtisadi İnkişaf Nazirliyi ilə müvafiq iş aparırıq ki, gələcəkdə bu kimi layihələrin həyata keçirilməsində şəffaflıq təmin edilsin və həyata keçirilən işlərin səmərəlilik göstəriciləri təhlil edilsin. Təklif olunur ki, millət vəkilləri sazişə münasibətlərini bildirsinlər.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, sözünüz var? Buyurun.
S. Rüstəmxanlı. Saziş 2004-2005-ci illər üzrədir. Bu da imzalanıb 2006-cı ildə. O illər bitib. 2004-2005-ci illər üçün nəzərdə tutulan işlər də, yəqin, olub keçib. İndi davam eləyənləri olsa da, amma hər halda 2004-2005-ci illər üçün bir il sonra saziş bağlanıb, ondan da bir xeyli sonra Milli Məclis bu məsələni təsdiq eləyir. Bunun mənasını başa düşə bilmirəm. Niyə belə olur? Beynəlxalq aləmdə qayda belədir, yoxsa sadəcə, bizim iş üslubumuz belədir?
Sədrlik edən. Ziyad müəllim, buyurun, zəhmət olmasa, aydınlıq gətirin.
Z. Səmədzadə. Hörmətli Sabir müəllimin dediyi məsələ, verdiyi sual komissiyada da müzakirə olundu. Məsələ ondadır ki, hökumətlərarası razılığa görə bu kimi sazişlər Milli Məclisdə təsdiq olunmalıdır və axırıncı saziş 2006-cı il iyunun 23-də imzalanıb. Yəni onun təsdiqi bizdən asılı olmayan səbəblərə görə yubanıb. Məzuniyyətdə olmuşuq, ona görə baxmamışıq.
Sədrlik edən. Yəni bu, sırf texniki işdir. Başqa sözü olan yoxdur? Yoxdur. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.27 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikası ilə Lüksemburq Böyük Hersoqluğu arasında gəlirlərə və əmlaka görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında 2006-cı il iyunun 16-da Bakı şəhərində imzalanmış Konvensiyanın və onun Protokolunun təsdiq edilməsi barədə. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Milli Məclisdə biz dəfələrlə məlumat vermişik ki, ölkələr arasında əmlaka görə ikiqat vergitutmanın mənfi cəhətləri nədən ibarətdir. Belə vergitutma iqtisadi münasibətlərə, iqtisadi əməkdaşlığın inkişafına mane olur. Bu barədə sazişlər bütün ölkələr üçün eyni struktura malikdir. Ona görə mən vaxtınızı almaq istəmirəm.
Lüksemburq balaca dövlət olmasına baxmayaraq, Avropa Birliyində çox böyük nüfuza malik olan bir dövlətdir. Belə bir ölkə ilə də ikiqat vergitutmanın aradan qaldırılması və vergitutmadan yayınmanın qarşısının alınması barədə Sazişin imzalanması bizim bu ölkə ilə iqtisadi münasibətlərimizin təkmilləşməsinə, hər iki ölkədə biznes mühitinin yaxşılaşmasına imkan verər. Biz bu Sazişi komissiyada Vergilər Nazirliyinin məsul əməkdaşları ilə ətraflı müzakirə etdik. Komissiya qərara aldı ki, qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə edilsin.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Çıxış eləmək istəyən yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.29 dəq.)
Lehinə 91
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 4
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşulmaq barəsində. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov. Buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Adından göründüyü kimi, bu Konvensiyada Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış təşkilatlarının, daha dəqiq desək, Beynəlxalq Valyuta Fondunun, Ümumdünya Poçt Təşkilatının, Beynəlxalq Əmək Təşkilatının və bu kimi təşkilatların immunitet və imtiyazlarından söhbət gedir. Yəqin, tanış olmusunuz, Konvensiya üzərində geniş dayanmaq istəmirəm. Onu demək istəyirəm ki, Azərbaycan tərəfi bu Konvensiyaya üç qeyd-şərti və bir bəyanatı ilə qoşulur. Qeyd-şərtlərdən biri 3-cü maddənin 7-ci bölməsi ilə bağlıdır və ixtisaslaşdırılmış təşkilatların bir ölkədən digər ölkəyə sərbəst surətdə pul, valyuta köçürməsinin qarşısını almaq məqsədi güdür. Azərbaycan tərəfi belə bir öhdəliyi öz üzərinə götürmür.
İkincisi, Beynəlxalq Ədalət Məhkəməsinin məcburi yurisdiksiyası bizim tərəfdən qəbul edilmir. Bəyanatda isə deyilir ki, hər hansı ixtisaslaşmış təşkilatın mənzil qərargahı və regional ofisi Azərbaycan ərazisində yerləşdirildikdə Azərbaycan tərəfi həmin təşkilatla bu barədə əlavə bir müqavilənin bağlanması hüququnu özündə saxlayır. Azərbaycan tərəfi çox düzgün olaraq bu məsələlərlə bağlı qeyd-şərt və bəyanatla çıxış edib. Konvensiyaya isə ümumilikdə qoşulmaq çox vacibdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Çıxış eləmək istəyən varmı? Pənah Hüseyn, buyurun.
P. Hüseyn. Mən Konvensiyanın mətninə baxdım. Orada qeyd-şərtin edilməsini qadağan edən bir müddəa var. Ona görə bizim bu bəyanatımızın qeyd-şərt olub-olmaması məsələsinə, Azərbaycan tərəfinin bəyanatına bir aydınlıq gətirin.
Sədrlik edən. Sözün düzü, mən sualı anlamadım.
P. Hüseyn. Bir də təkrar edərəm. Konvensiyanın mətninə baxdım. Orada qeyd-şərtin edilməsini qadağan edən bir müddəa var. Ona görə bizim bu bəyanatımızın və qeyd-şərtlərimizin hansı hüquqi nəticəsi olacaq?
Ə. Hüseynov. Pənah müəllim, konkret olaraq Konvensiyanın hansı maddəsində, mətnin harasında? Misal üçün, bu qeyd-şərtlər və bəyanatlar çox aydındır. Ayrı bir qeyd-şərt təklif edirsiniz?
Sədrlik edən. Pənah müəllim, sonra aydınlaşdırarsınız, vaxtımız gedir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.33 dəq.)
Lehinə 83
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 19-cu məsələ. “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişinin Protokoluna qoşulmaq barəsində. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli deputatlar! Bu qanun layihəsi də daimi komissiyada müzakirə olunmuş və Milli Məclisin iclasına tövsiyə edilmişdir. Söhbət Azərbaycan Respublikasının “Nişanların beynəlxalq qeydiyyatı haqqında” Madrid Sazişi Protokoluna qoşulmasından gedir. Madrid Sazişinin Protokolu 1989-cu il iyunun 27-də Madrid şəhərində imzalanmışdır. Hazırda Madrid Protokolunun 68 üzvü var. Bu sistemin inzibati idarə olunması İsveçrənin Cenevrə şəhərində yerləşən Ümumdünya Əqli Mülkiyyətin Müdafiə Təşkilatı tərəfindən həyata keçirilir. Azərbaycan bu Sazişə qoşulmaqla öz əmtəə nişanlarını Madrid Protokolu ölkələri içərisində qorumaq hüququ qazanır. Hesablamalar göstərir ki, beynəlxalq aləmdə Azərbaycanın əmtəə nişanlarının sayının ildən-ilə artması ilə əlaqədar olaraq Madrid Protokoluna bizim üzvlüyümüz həmin təşkilata daxil olan ölkələr arasında Azərbaycanın hüquqlarının qorunmasına xidmət edə bilər.
Hazırda Azərbaycan Respublikasında qeydiyyatda olan 7 əmtəə nişanı Madrid Sazişinə uyğun olaraq beynəlxalq qeydiyyata alınıb. Düzdür, onlar azdır, lakin əmtəə nişanlarının getdikcə artmasını nəzərə alaraq bizim Madrid Protokoluna qoşulmağımız məqsədəuyğundur.
Sədrlik edən. Sağ olun. Bu məsələ Elm və təhsil məsələləri daimi komissiyasında da müzakirə olunub. Şəmsəddin müəllim, buyurun.
Ş. Hacıyev, Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim, icazə verin, mən də payız sessiyasının başlanması münasibəti ilə komissiyamız adından bütün deputatları və şəxsən Sizi ürəkdən təbrik eləyim, uğurlar arzulayım. Bu məsələyə bizim komissiyada da baxılıb və qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi tövsiyə olunub. Bir məsələni nəzərinizə çatdırmaq istəyirəm ki, söhbət yalnız əmtəə nişanlarından deyil, ümumiyyətlə, Azərbaycanın nişanlarının beynəlxalq aləmdə tanınması sisteminin təkmilləşdirilməsindən və bu sahədə hüquqların, intellektual mülkiyyət məhsullarına sahiblik hüquqlarının qorunmasından gedir. Ona görə bu çox vacib məsələdir. Mən təklif edirəm ki, bütün deputatlar bu məsələnin qəbul olunmasına səs versinlər. Sağ olun.
Sədrlik edən. Səməd müəllim, əlavəniz yoxdur? Çıxış eləmək istəyən var? Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Mən də bütün təkliflərə qoşuluram. Çıxışdan əvvəl bir qeydi bildirmək istəyirəm. Deputat Pənah Hüseynin Konvensiyaya etdiyimiz qeyd-şərtlər barədə fikrinə mən də qoşuluram. Bütün konvensiyalarda yazılır ki, hər hansı bir şəkildə qeyd-şərt nəzərdə tutulmur. Təhsillə bağlı Konvensiyada da belədir. Amma biz müzakirə eləyəndə gördük ki, Azərbaycan tərəfi öz qeyd-şərtlərini verib. Əgər bu bizə təsəlli üçün verilirsə, bunu izah eləmək lazımdır. Əgər Konvensiya bunu qadağan eləyirsə, onda ona qoşulmağımızın hansı mənası olacaqdır, bunu aydınlaşdırmaq lazımdır.
İkinci məsələ. Bu gün, təəssüf ki, qanunvericilik planı müzakirə olunmadı. Amma bu prosedura da fikir vermək lazımdır. Bu gün mən Aparata iki qanun layihəsi təqdim elədim. Biri Hərbi qulluqçuların statusu haqqında qanun layihəsidir. Digəri “Silahlı münaqişələrin və hərbi işğalın nəticələrinə qarşı mülki vətəndaşların sığortası haqqında” adlanır.
Bir iradımı da bildirmək istəyirəm. Altı ay öncə “Siyasi partiyalar haqqında” Qanuna əlavə və dəyişikliklər barədə qanun layihəsi təqdim etmişəm. Amma hələ ki, mənə onun taleyi barədə nə yazılı, nə də şifahi məlumat verilməyib. Xahiş edirəm, buna da diqqət yetirəsiniz.
Bu sənədlə bağlı nəyi demək istəyirəm. Olduqca vacib bir sənəddir. Bu gün bunu qəbul eləməyimiz Azərbaycanın maraqları baxımından vacibdir. Çünki əmtəə nişanlarının qorunması, əqli mülkiyyət məhsullarının əmtəəyə çevrilib dünya bazarına çıxarılması bunu tələb edir. Hörmətli Ziyad müəllimin qeyd elədiyi kimi bu gün az da olsa, 7 adda belə bir məhsulumuz olsa da, bunun tədricən artacağına ümidimiz böyükdür. Ona görə də həm gətirilən, həm də ölkədən aparılan mallarla bağlı normal bir statistika da yarada bilərik. Bunun gələcəkdə Azərbaycana faydası olacaqdır.
Amma bununla bağlı həm də struktur dəyişikliklərinə getmək lazımdır. Strukturlar təkmilləşməlidir. Ümumiyyətlə, diqqət edirsinizsə, dünya səviyyəsində nişanlar Ümumdünya Əqli Mülkiyyət Təşkilatının beynəlxalq bürolarının reyestrində qeydə alınır. Azərbaycanda isə Dövlət Əqli Mülkiyyət Agentliyində deyil, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyində qeydə alınır. Yəni bu Konvensiyanı qəbul eləyəndən sonra bu strukturların özünün də dəyişməsi olduqca vacibdir.
Digər bir məsələ. Məncə, əqli mülkiyyət sahibləri, xüsusi ilə sənaye və ticarət müəssisələrinin rəhbər əməkdaşları, eləcə də əhalinin geniş təbəqələri üçün donor təşkilatların yardımı ilə QHT-lərin də bu işə cəlb olunmasına nail olmaq, ciddi maarifləndirmə işi aparmaq lazımdır. Donor təşkilatların bu işə cəlb olunmasına, hesab edirəm ki, Azərbaycan QHT-lərinin ciddi köməyi dəyə bilər. Bu da ölkəmizdə əqli mülkiyyət sahəsində konkret nəticələrə malik olan insanların dünya arenasına çıxmasına olduqca ciddi yardım eləyə bilər.
Sədrlik edən. Sağ olun. Əlavə çıxış eləmək istəyən varmı? Yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.41 dəq.)
Lehinə  95
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi  0
İştirak edir 95
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti, 20-ci məsələ. “Azərbaycan Respublikası Hökuməti və Moldova Respublikası Hökuməti arasında gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin təsdiq edilməsi barədə. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bilirsiniz ki, Azərbaycan Respublikası ilə Moldova Respublikası arasında bütün sahələrdə əməkdaşlıq inkişaf edir. Bu əməkdaşlığın istiqamətlərindən biri də hər iki dövlətin hökumətləri arasında “Gömrük işi sahəsində əməkdaşlıq və qarşılıqlı yardım haqqında” Sazişin imzalanmasıdır. Ümumiyyətlə, bu xarakterli sazişlərin strukturu təxminən eynidir. Mən bu barədə də millət vəkillərinə keçən dəfə məlumat vermişəm. Belə bir sazişin imzalanmasında məqsəd gömrük hüquqpozmalarının qarşısının alınması, aşkar edilməsi və araşdırılması, gömrük qanunvericiliyinin tətbiqinə dair sənədlər haqqında bildirişlərin verilməsi, tərəf dövlətlərin sərhədlərindən malların keçirilməsi zamanı gömrük rüsumu və digər ödənişlərin düzgün yığılmasının təmin edilməsi, həmçinin qadağan, məhdudiyyət nizamlayan normaların dəqiq tətbiq edilməsidir. Heç şübhəsiz ki, iki dövlət arasında iqtisadi əməkdaşlığın genişlənməsinə xidmət edən belə bir sazişin təsdiq edilməsi məqsədəmüvafiqdir. Təklif olunur ki, sazişə səs verilsin.
Sədrlik edən. Sağ olun, çıxış eləmək istəyən varmı? Yoxdur. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.44 dəq.)
Lehinə  95
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
“Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişin təsdiq edilməsi barədə. İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanova.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən də bu gün sizin hər birinizi bu gözəl zalda işə başlamağınız münasibəti ilə təbrik edirəm. Allah sizin hamınıza can sağlığı versin. Xüsusi ilə kondisionerlərin bu cür möhkəm işləməsindən sonra arzu edərdim ki, gələn iclasa hamımız sağ və salamat gəlib çıxa bilək.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq, 2006-cı il mayın 15-də Minsk şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Belarus Respublikası Hökuməti arasında vətəndaşların qarşılıqlı vizasız gediş-gəlişi haqqında” Sazişi təsdiq olunmaq üçün Milli Məclisə göndərmişdir. 10 maddədən ibarət olan bu Saziş iki dövlət və onların xalqları arasında dostluq münasibətlərini inkişaf etdirmək, iqtisadi, ticarət, elmi-texniki, mədəni və digər əlaqələrin möhkəmlənməsinə kömək etmək istəyinin təcəssümüdür. Bu, Azərbaycan Respublikasının Belarusda olan vətəndaşlarının, eləcə də Belarus Hökumətinin Azərbaycanda olan vətəndaşlarının hüquq və azadlıqlarını qorumaq istəyindən başqa bir şey deyil. Bu kifayət qədər vacib bir sənəddir.
Bir neçə dəqiqə bundan əvvəl biz Rusiyada olan Azərbaycan vətəndaşlarının vəziyyəti haqqında məsələni müzakirə etdik. İndi də söhbət Belarusda olan Azərbaycan vətəndaşlarının həmin ölkəyə gediş-gəlişinin və yaxud Belarus vətəndaşlarının Azərbaycana gediş-gəlişinin daha da asanlaşdırılması və onların vizasız gediş-gəlişinin təmin olunmasından gedir. Bu gün dünyada sanki sərhədlər götürülür və sərhədsiz dünya formalaşmağa başlayır. Artıq təfəkkürlərdə də sərhəd məfhumu aradan qalxmaqdadır. Məncə, bu gün hər hansı bir vətəndaşın başqa ölkəyə getməsini asanlaşdırmaq üçün belə sazişlərin imzalanmasının çox böyük əhəmiyyəti var.
Azərbaycandan Belarusda çoxlu sayda insan var. Onlar orada çox normal fəaliyyət göstərir, yaşadıqları dövlətin qanunlarına riayət edirlər. Bütün bu müddəalar Sazişdə öz əksini tapmışdır. Mən bu gün Azərbaycanda nə qədər belarus olduğunu deyə bilmərəm, amma bilirəm ki, Azərbaycanda 300 mindən çox rus var. Onların arasında ukraynalı, belarus və sair millətlərdən olan nümayəndələr də var. Onların Azərbaycanda rahat yaşaması, Azərbaycan vətəndaşının istifadə etdiyi hüquq və azadlıqlardan istifadə etməsi təmin olunmuşdur. Ona görə də hesab edirəm ki, Azərbaycan vətəndaşlarının Belarusa, eləcə də Belarus vətəndaşlarının Azərbaycana gəlib-getməsini rahat təmin edən bu Sazişin ratifikasiya olunması çox vacibdir. Hörmətli millət vəkillərindən xahiş edərdim ki, bu Sazişin ratifikasiyasına səs versinlər.
Sədrlik edən. Hörmətli deputatlar, bu sənəd, eyni zamanda, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında da müzakirə olunub. Əli müəllim, əlavəniz varmı? Yoxdur. Onda, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.48 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Azərbaycan Respublikası Hökuməti və Tacikistan Respublikası Hökuməti arasında hərbi sahədə əməkdaşlıq haqqında” Sazişin təsdiq edilməsi barədədir. İcazənizlə, bu barədə məlumat verəcəyəm. Bu sənəd 2006-cı il iyun ayının 1-də imzalanıb. Bu sənədin 3-cü maddəsinə görə, tərəflər hərbi sahədə əməkdaşlığı hərbi fəaliyyətin aşağıdakı sahələrində həyata keçirirlər: müdafiə siyasəti, hərbi-iqtisadi fəaliyyətlər, hərbi-texniki fəaliyyətlər, kadrların hazırlanması, orduda ictimai, mədəni, idman işləri, hərbi qanunvericilik və hüquqi yardım, hərbi elmi fəaliyyətlər və hərbi tarix, hərbi tibb, etimad və təhlükəsizliyin möhkəmləndirilməsi üzrə tədbirlər, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramı çərçivəsində həyata keçirilən tədbirlərdə birgə fəaliyyət, sülhməramlı və humanitar yardım göstərilməsi əməliyyatlarının keçirilməsi üzrə məsləhətləşmələr və digər məsələlər.
Sənəd 11 maddədən ibarətdir. Bu sənəd hər iki dövlətin müdafiə nazirləri tərəfindən 5 il müddətinə imzalanıb. Mən hesab edirəm ki, bu Saziş Azərbaycanın dövlət və milli maraqlarına uyğun bir sənəddir və sizi bu sənədin ratifikasiyasına səs verməyə dəvət edirəm. Buyurun, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 15.50 dəq.)
Lehinə 90
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyanın təsdiq edilməsi barədədir. Elm və təhsil məsələləri daimi komissiyasının sədri Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Hörmətli millət vəkilləri, bu Konvensiya 1960-cı il dekabrın 14-də BMT-nin Paris şəhərində keçirilən baş konfransında qəbul olunub və bu günə qədər BMT üzvü olan ölkələrin əksəriyyəti həmin Konvensiyaya qoşulmuşdur. Ona görə Azərbaycanın da bu Konvensiyaya qoşulması tamamilə təbii qəbul olunmalıdır.
Konvensiyada xüsusi olaraq qabardılan bir-iki məsələni nəzərinizə çatdırmaq istəyirəm. Birincisi ondan ibarətdir ki, təhsil sahəsində irqindən, dinindən, sosial mənşəyindən, iqtisadi vəziyyətindən, dünya görüşündən və sairdən asılı olmayaraq heç bir ayrı-seçkiliyə yol verilməməsi məsələsi qəti qoyulub. İkincisi odur ki, bu Konvensiyada ibtidai təhsilin məcburi və pulsuz olması, eləcə də ali məktəblərdə qabiliyyəti olanların heç bir maneəsiz təhsil almaq hüquqlarının bütün ölkələr tərəfindən tanınması və ona əməl olunması məsələsi çox ciddi qoyulub. Burada Konvensiyaya qoşulan ölkələrin müəyyən öhdəliklər götürməsi məsələsi də xüsusi vurğulanır. Bununla əlaqədar olaraq təhsil sahəsində mövcud olan qanunvericilik aktlarında həmin müddəaların təsbit olunması nəzərdə tutulur. Nəzərinizə çatdırım ki, Konstitusiyanın müvafiq maddələrində, bu gün qüvvədə olan Təhsil Qanununda və müzakirəyə çıxarılacaq Təhsil qanunu layihəsində də bu müddəalar öz əksini tapıb.
Bir məsələni də diqqətinizə çatdırmaq istəyirəm ki, biz bu Konvensiyaya qeyd-şərtlə qoşuluruq. Bu əlavələr də var, sizə paylanıb. Ermənistana münasibətdə Azərbaycan tərəfi ayrı-seçkilik barəsində öz üzərinə heç bir hüquqi öhdəlik götürə bilməz. Əksinə, bu ayrı-seçkiliyə yol vermək lazımdır. Bu da məlum məsələdir. Bu haqda danışıb vaxtınızı almaq istəmirəm. Yəni bu iki əlavəni qəbul etmək şərti ilə Azərbaycanın bu Konvensiyaya qoşulmasını tamamilə məqsədəuyğun hesab edirik. Onu da nəzərinizə çatdırım ki, məsələ Elm və təhsil məsələləri daimi komissiyasında geniş müzakirə edilib və onun Milli Məclisin müzakirəsinə çıxarılması tövsiyə olunub. Mən xahiş edirəm ki, bu sənədə səs verəsiniz.
Sədrlik edən. Rəbiyyət xanım, bu məsələ sizin komissiyada da müzakirə olunub. Əlavəniz varmı?
R. Aslanova. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Bu gün biz bu mühüm sənədi qəbul etməliyik. Mənim üçün maraqlı olan bir cəhəti sizin diqqətinizə çatdırmaq istərdim. Bu, 1960-cı ildə qəbul olunmuş bir Konvensiyadır. 1948-ci ildə İnsan Hüquqları Bəyannaməsindən sonra dərhal bir sıra ölkələr bu Konvensiyanı formalaşdırdılar. 1948-ci ildən 1960-cı ilə qədər keçən 12 il ərzində Avropanın bir sıra ölkələri, yəni o ölkələr ki, bu Konvensiyada olan müddəalar hələ onların təhsil sistemində, qanunvericiliyində əksini tapmamışdı, bunları həll etdilər. 1960-cı ildən sonra, yəni 1966-cı ildə mülki və siyasi hüquqlara dair digər bir qanun qəbul edildi. 1960-cı ildən bu günə qədər 46 il vaxt keçib. Bu 46 il ərzində dünyada böyük dəyişikliklər olub. Yeni müstəqil dövlətlər yaranıb və hər birinin də Konstitusiyasında bu Konvensiyanın müddəaları artıq öz əksini tapıb.
Bilirsiniz, qəribə bir məqam yaranır. Bu Konvensiyanın bütün müddəaları Azərbaycanda çoxdan gerçəkləşmiş müddəalardır. Əslində, biz bəzi konvensiyaları ratifikasiya etməklə ölkəmizdə artıq çoxdan mövcud olan, böyük ənənəyə çevrilmiş bir sistemi təsdiq edirik.
Bir neçə gün bundan öncə İrqi Dözümsüzlüyə Qarşı Komissiyanın sədri Bakıda idi. O, İnsan hüquqları daimi komissiyasının üzvləri ilə də görüşdü, xüsusilə təhsil sahəsində olan ayrı-seçkiliyə və sairə qarşı iradlarını bildirdi. Onun ən böyük iradı ondan ibarət idi ki, burada olan ermənilərə biz ayrı-ayrı maarifçilik mərkəzləri yaratmır, onların təhsilinə yardım etmirik. Bu Konvensiyada bu müddəalar öz əksini tapır. Yaxud azsaylı xalqlarla əlaqədar. Bu insanı inandıra bilmirdik ki, azsaylı xalqların təhsili ilə məşğul olmaq üçün onlara bütün şərait yaradılıb. Birinci 4 il ərzində onlar öz dillərində təhsil ala da bilərlər və sair. Bu Konvensiyada, Şəmsəddin müəllimin də dediyi kimi, həmin müddəalara yer verilibdir.
Bu Konvensiyaya kifayət qədər diqqətlə baxmaq, ehtiyatla yanaşmaq lazımdır. Əlbəttə, biz onu ratifikasiya edəcəyik, çünki burada olan müddəaların əksəriyyəti Konstitusiyamızda da, Təhsil Qanunumuzda da, yeni qəbul edəcəyimiz Təhsil qanununda da var. Amma burada azsaylı xalqlar məsələsi, xüsusilə ermənilər məsələsi ki, 2002-ci ildə Azərbaycan haqqında yazılmış hesabatda böyük bir bölməni təşkil edir, - yəqin ki, ondan da xəbəriniz var, - bunlar bir az ehtiyat tələb edən məqamlardır. Ümumiyyətlə, Konvensiyanın ratifikasiya edilməsinə heç bir etirazımız yoxdur. Ancaq 46 il yol gəlmiş bir sənədin bu cür ratifikasiyasına bilmirəm, biz gecikmişikmi, buna ehtiyac varmı? Yəni mənim üçün bir az müəmmalı məqam budur.
Sədrlik edən. Aydındır. Elmira Axundova.
E.Axundova. Çox sağ olun. Mən Rəbiyyət xanımla tam razıyam. Mənim üçün də bu maraqlı və müəmmalıdır. 46 il qabaq Parisdə qəbul edilmiş bir Konvensiyanı biz nəyə görə indi ratifikasiya eləməliyik. Bu bizə nə verəcək? Şəmsəddin müəllim dedi ki, başqa dövlətlər indiyəcən bu Konvensiyaya qoşulmayıblar. Bir çox ciddi məqamlar var ki, onlar qoşulmayıblar. Bəlkə bir az fikirləşək? Bəlkə bu Konvensiya gələcəkdə başımızda şimşək kimi çaxacaq. Ona görə gərək bir az fikirləşək. Doğrudan da, biz bu Konvensiyanın bütün müddəalarını onsuz da həyata keçirmişik. Nə zərurət var ki, yarım əsrdən sonra biz bunu ratifikasiya eləyirik?
İkinci bir sualım da var. İstərdim ki, Şəmsəddin müəllim, ya Rəbiyyət xanım bu suala cavab versinlər. Bu Konvensiyada deyilir ki, təhsil sahəsində insanlar arasında heç bir istisnalıq olmamalıdır. Onda necə hesab edirsiniz, bu Konvensiyanın müddəaları islah əmək müəssisələrində cəza çəkən məhbuslara da aiddir? Onlar öz təhsillərini, ali təhsilini islah əmək müəssisələrində cəza çəkə-çəkə davam etdirə bilərlərmi, ya yox? Bu sahədə olan ayrı-seçkiliyi necə aradan qaldıra bilərik?
Sədrlik edən. Pənah Hüseyn.
P.Hüseyn. Təşəkkür edirəm. Bu məsələyə toxunmamışdan əvvəl bir məsələyə aydınlıq gətirmək istəyirəm. Bayaq konkret olaraq “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında Konvensiyaya qoşulmaq barəsində” məsələ müzakirə olunarkən mən bir məsələni qeyd eləmişdim. Ola bilsin, səhv eləmişəm, orada birbaşa qeyd-şərtin qadağan olunması haqqında müddəa yoxdur. Amma bu Konvensiyada birbaşa qeyd-şərtin qadağan olunması haqqında müddəa var. Mən Əli müəllimlə məsləhətləşdim. Yəqin ki, bəyanatın hüquqi nəticələri ilə qeyd-şərtin hüquqi nəticələri arasındakı fərqlərə o, aydınlıq gətirər. Yəqin ki, bu bəyanatda deyilən məsələyə hörmətli Milli Məclis üzvləri üçün aydınlıq gətiriləcək.
Burada bir maddə, mənə elə gəlir, müəyyən narahatlıqları aradan qaldırmağa imkan verir. 5-ci maddənin 1-ci hissəsinin 1-ci bəndində söhbət milli azlıqlara aid olan hüquqlardan gedir. Burada deyilir ki, milli azlıqlara mənsub şəxslərin öz dilindən istifadə və onu tədris etmək hüququ yalnız o şərtlə həyata keçirilə bilər ki, həmin hüququn həyata keçirilməsi azlıqlara mənsub şəxslərin bütün kollektivin mədəniyyətini və dilini başa düşməsinə və onun fəaliyyətində iştirak etməsinə mane olmasın və ölkənin suverenliyini sarsıtmasın. Hesab edirəm ki, belə bir müddəanın Konvensiyada əks olunması bir çox narahatlıqları aradan qaldırmağa imkan verir.
Bir halda ki, təhsil haqqında danışırıq, hesab edirəm ki, bu gün gündəliyin məsələlərinin müzakirə olunmasına, o cümlədən payız sessiyasında Milli Məclisin qanunvericilik sahəsindəki iş planının müzakirəsinə imkan yaradılmadı. Yeri gəlmişkən, bir məsələyə də aydınlıq gətirilsin. Bu iş planına Təhsil haqqında qanun layihəsi ilə yanaşı digər üç qanun layihəsi də salınıb: Ümumi orta təhsil haqqında, Ali təhsil və ali təhsildən sonrakı təhsil haqqında və Yaşlıların təhsili haqqında qanun layihələri. Bu bir qədər anlaşılmazlıq törədir. Xahiş edirəm, Şəmsəddin müəllim, nəzərə alaraq ki, 15 gün işləməyəcəyik, bu məsələyə də aydınlıq gətirilsin. Bəlkə təhsil haqqında bu dörd qanunu bir qanunda birləşdirmək və Təhsil Məcəlləsi ilə əvəz eləmək olar.
Vaxt var və mən istərdim ki, iki cümlə ilə bir məsələyə toxunum. Belarus ilə vizasız gediş-gəliş haqqında məsələyə yazıldım, ola bilsin, Ziyafət müəllim diqqət eləmədi. Biz, əlbəttə, müəyyən ölkələr istisna olmaqla, Azərbaycanın milli təhlükəsizlik məsələləri nəzərə alınmaqla, bütün ölkələrlə vizasız gediş-gəliş haqqında belə sazişlərin bağlanmasının əleyhinə deyilik. Əlbəttə, bunlar mütərəqqi haldır. Belarusla vizasız gediş-gəliş müqaviləsi imzalamağımız da yaxşıdır. Amma bir sıra qonşu, qardaş və ...
Sədrlik edən. Valeh Ələsgərov.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yekunlaşmayıb hələ? Buyurun.
P. Hüseyn. Bu yaxınlarda gördük, vizasız gediş-gəliş məsələsində hansı problemlərlə üzləşirik. Bu məsələlər də həll edilmir. Bu məsələlər də həll edilsə, yaxşı olar.
Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Mənə söz verdiyinizə görə təşəkkür edirəm. Mən bu qovluğu açanda gördüm ki, komissiyaların hamısı bu sənədi müzakirə edib və tövsiyə ediblər ki, biz bu məsələni müzakirə edək. Yəqin ki, bu tövsiyənin də mənası tövsiyədən sonra təsdiq etməkdir. Bundan bir az öncə biz Birləşmiş Millətlər Təşkilatı Ali Məclisinin 1947-ci il noyabrın 21-də qəbul etdiyi “BMT-nin ixtisaslaşmış təşkilatlarının imtiyaz və immunitetləri haqqında” Konvensiyaya qoşulduq. Bundan da öncə bu binada bir neçə dəfə bu çağırışda və bundan qabaqkı çağırışlarda Tarixi-Nadirin vaxtlarına gedib çatan sənədləri də qəbul eləmişik. Bizdən də öncə qəbul eləyiblər. Çünki beynəlxalq münasibətlərin təməli olan sənədlər var. O sənədlərə lazım gəldikdə əlavə və dəyişikliklər edilə bilər. Ancaq hər dəfə bu sənədlərə qoşulan hər bir ölkə bu təməl daşını oynatsa, onda təməl dağılar, bina uçular. Mənim dediyim odur ki, bu məsələləri biz müzakirə etməməliyik. Ancaq bir şeyi həll etməliyik – qoşuluruq, qoşulmuruq. Yoxsa vaxt itiririk. Allaha şükür, jurnalistlər dəqiqəbaşı mikrofonu ağzımıza tutmurlar. Onlardan bir az uzaqlaşmışıq. Ona görə də xahiş edirəm, səsə qoyaq. Qəbul edirik, ya yox? Konvensiyanı dəyişmək mümkün deyil.
Sədrlik edən. Təkid eləyən varmı? Yoxdur. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.05 dəq.)
Lehinə 88
Əleyhinə 5
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələ. “Təhsil sahəsində ayrı-seçkiliklə mübarizə haqqında” Konvensiyada iştirak edən dövlətlər arasında meydana çıxa bilən ixtilafları həll etmək üçün barışıq və xeyirxah xidmət komissiyasının təsis edilməsi haqqında” Protokolun təsdiq edilməsi barədə. Şəmsəddin Hacıyev. Buyurun.
Ş. Hacıyev. Çox sağ olun. Mən suallara cavab verim. Hörmətli Ziyafət müəllim, bu iki məsələ bir-biri ilə bağlı məsələlərdir. Birinci məsələdə biz Konvensiyaya qoşuluruq. İkinci məsələ isə Konvensiyaya qoşulan ölkələr arasında bu Konvensiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi prosesində yarana bilən ixtilafların həll olunması üçün xüsusi komissiyanın yaranması məsələsidir. Əgər biz birinciyə qoşuluruqsa, ikinciyə də mütləq qoşulmalıyıq. Bu, qeyd-şərtsizdir. Amma yəqin ki, mən o Konvensiyaya qoşulmaq şərti ilə bağlı iki bəyanatı gərək oxuyaydım. Ona görə icazə verin, mən o bəyanatları oxuyum. Azərbaycan Respublikası Konvensiyaya aşağıdakı iki vacib məsələyə dair bəyanat verməklə qoşulur:
1. “Azərbaycan Respublikası bəyan edir ki, hazırkı beynəlxalq müqavilələrdən irəli gələn heç bir hüquq və öhdəlik və ya müddəa Ermənistan Respublikasına münasibətdə tətbiq edilməyəcəkdir”.
2. “Azərbaycan Respublikası Konvensiyanın 8-ci maddəsində qeyd olunan mübahisə tərəflərinin qərar qəbul edilməsi məqsədi ilə Beynəlxalq Məhkəməyə müraciət etmələri ilə bağlı özünü öhdəlikli hesab etmir”.
Bu iki bəyanat əlavə olunmaqla Konvensiyaya qoşulmağımız tamamilə məqsədəuyğundur.
Verilən suallara gəlincə, mən Valeh müəllimə təşəkkür edirəm ki, onları əsasən konseptual baxımdan cavablandırdı. Amma mən bir-iki şeyi əlavə etmək istəyirəm. Elmira xanımın dediyi məsələ Azərbaycan Respublikası Konstitusiyasının müvafiq maddəsinə və respublikada mövcud qanunvericilik aktlarına görə nizamlanan bir məsələdir. Sözü gedən Konvensiya isə beynəlxalq münasibətlərə şamil edilən məsələ olduğundan tamamilə başqa əsaslarla tənzimlənir. Yəni Konvensiyaya qoşulan hər bir ölkə öz üzərinə bu Konvensiyada irəli sürülən tələblərin həyata keçirilməsi barədə öhdəliklər götürür və əgər imza atırsa, həmin öhdəliklərin yerinə yetirilməsi üçün məsuliyyət daşıyır.
Təhsil qanunvericiliyi ilə bağlı məsələyə gəlincə, yəqin ki, gündəlik müzakirə olunacaq. Onda mən tam açıqlama verə bilərəm. Əgər sədarət hesab edirsə, indi həmin suala cavab vermək lazımdır, mən cavab verə bilərəm.
Sədrlik edən. Aydındır. Təkid eləyən var? Yoxdur. Münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.09 dəq.)
Lehinə 96
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputatlar, gündəliyimizdəki axırıncı məsələ Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqındadır. Amma bu məsələyə keçməzdən əvvəl mən istərdim qeyd edim ki, cənab Prezidentdən gələn bir qanun layihəsi də sizə paylanıb. Bu, Azərbaycan Respublikasının Abşeron və Bakı şəhərinin Binəqədi rayonlarının inzibati sərhədlərində qismən dəyişiklik edilməsi haqqında qanun layihəsidir. Həmin qanun layihəsini biz gündəliyə salaq, ondan sonra artıq bu iki qanun layihəsini bir yerdə müzakirə edəcəyik. Zəhmət olmasa, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.10 dəq.)
Lehinə 96
Əleyhinə 0
Bitərəf  0
Səs vermədi  0
İştirak edir 96
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
İndi istəsəniz, hər iki qanun layihəsi barədə məlumat almaq üçün hörmətli Arif müəllimə söz verək, amma səsverməni ayrı-ayrı aparacağıq. Arif müəllim, buyurun.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Sağ olun, Ziyafət müəllim. Hörmətli həmkarlar, mən də sizin hamınızı bu gözəl, möhtəşəm zalda təbrik edir və fəaliyyətinizdə uğurlar arzulayıram!
Sizə verilən birinci məsələ texniki səbəbdən gündəliyə daxil edilməyibdir. Əslində, bu bir məsələnin iki hissəsidir. Birinci məsələ Azərbaycan Respublikasının Abşeron və Bakı şəhərinin Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqındadır. Siz bilirsiniz ki, 1963-cü ildə Bakının kənd təsərrüfatına yararlı torpaqları əsasında Abşeron rayonu yaradılanda sənaye təmayüllü obyektlərin hamısı Bakı şəhərinin rayonlarının tabeçiliyində qalmışdı. Kənd təsərrüfatı torpaqları birləşdirilmiş və Abşeron rayonu yaradılmışdır. Bu rayonun yaradılması nəticəsində Xırdalan qəsəbəsinə bəzi sənaye obyektləri verilməmişdir.
Faktiki elə bir vəziyyət yaranıbdır ki, Xırdalan qəsəbəsi iki hissəyə bölünübdür. Bir küçənin - Zeynalabdin Tağıyev adına küçənin bir hissəsi Binəqədi rayonuna, digər hissəsi Xırdalan rayonuna aiddir. Bu çox böyük çətinliklər yaradır. Misal üçün, Binəqədi rayonunun ərazisində olan yaşayış məntəqələrinə və müəssisələrə qaz təminatı, elektrik, su, kanalizasiya və sair kimi kommunal xidmətlər faktiki olaraq Abşeron rayonu tərəfindən göstərilir. Bu uyğunsuzluğu aradan qaldırmaq üçün Abşeron rayonunun rəhbərliyi müraciət edib və belə qərar qəbul olunub ki, Abşeron rayonunun Xırdalan qəsəbəsinin ərazisi genişləndirilsin. Beləliklə, həm Xırdalan qəsəbəsinin gələcək inkişafı və orada infrastruktur obyektlərinin daha səmərəli istifadəsi, həm də əhaliyə daha yaxşı xidmət göstərilməsi üçün şərait yaradılır. Eyni zamanda, o ərazidə olan anklav müəyyən qədər aradan götürülür.
İkinci məsələ Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqındadır. Bizim bu məsələlər Azərbaycanın inzibati ərazi bölgüsü haqqında qanunla tənzimlənir. O qanunun tələblərinə görə Xırdalan qəsəbəsinə şəhər statusu verilə bilər. Hazırda Xırdalan qəsəbəsinin əhalisi 40 minə yaxındır. Onun lazım olan bütün şəhər infrastrukturu yaradılıbdır. Son illərdə Azərbaycanın regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar burada geniş abadlaşdırma, yenidənqurma işləri gedir. Bir çox sənaye müəssisələri, tədris müəssisələri, səhiyyə müəssisələri var. Xırdalan qəsəbəsinə şəhər statusu vermək üçün bütün tələblərə uyğun qanun layihəsi verilibdir.
Hər iki layihəyə Regional məsələlər daimi komissiyasında baxılıb və onların sizin müzakirənizə verilməsi tövsiyə edilib. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Çıxış eləmək istəyən var? Sabir müəllim, buyurun.
S.Rüstəmxanlı. Arif müəllimin izahatı bu məsələyə aydınlıq gətirir, burada əlavə izahata ehtiyac qalmır. Amma ümumiyyətlə, yaxın vaxtlarda Milli Məclis Bakı haqqında qanun qəbul eləməlidir. Bakının vəziyyəti hamımızı ciddi şəkildə narahat eləyir. Milli Məclis bu məsələyə müdaxilə eləməlidir.
Abşeron vaxtikən kənd rayonu sayılırdı. Abşeronda torpaq var idi, kolxozlar, sovxozlar var idi. İndi bunlar yoxdur. Abşeronun, əslində, Qaradağdan heç bir fərqi yoxdur. Bakı şəhərinin ərazisi sayılan Ələt Hacıqabula gedib çatıb. Amma Bakının böyründə olan Abşeron kənd ərazisi sayılır. Bu, məncə, doğru deyil və ona görə də bu rayonlar arasında bir sıra mübahisələr, uyğunsuzluqlar meydana çıxır. Ona görə də çox yaxşı olar ki, Abşeron rayonu da Bakının rayonlarından birinə çevrilsin. Artıq Abşeronun kənd rayonu kimi əvvəlki funksiyası qalmayıb. Bakının 11 rayonu var, Abşeron da 12-ci rayon olmalıdır. Onda rayonlararası bir sıra münasibətlər də öz həllini tapar. Bu çox ciddi məsələdir və bununla çox ciddi məşğul olmaq lazımdır. Çünki torpaqla bağlı çox ciddi problemlər meydana çıxır. Abşeronda torpaq sahələri mənimsənilir və bir sıra uyğunsuzluqlar var. Ona görə də Abşeronun da Bakı şəhərinin bir rayonu olması çox zəruridir.
Sədrlik edən. Çox sağ olun. Təkid edən var? Buyurun, Vahid Əhmədov.
V. Əhmədov. Çox sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarımı təbrik edir, işlərində müvəffəqiyyətlər arzu edirəm. Ən əvvəl Valeh müəllimin qaldırdığı məsələyə münasibətimi bildirmək istərdim. Tamamilə doğrudur, biz bayaq payız sessiyasının iş planını təsdiq eləyəndə faktiki olaraq öz ürək sözlərimizi, müəyyən təkliflərimizi deyə bilmədik. Halbuki heç bir müdaxilə edə bilmədiyimiz, heç bir hərfini dəyişə bilmədiyimiz konvensiyaların müzakirəsinə saatlarla vaxt ayırırıq. Bu konvensiyalarda dəyişiklik etməyə bizim heç bir ixtiyarımız da yoxdur. Komissiya sədrləri normal izahat verəndən sonra bu konvensiyaları səsə qoyub təsdiq etmək lazımdır. Sədarətdən xahiş edərdim ki, onlar öz aralarında yığışıb bu məsələni həll eləsinlər.
Xırdalanla əlaqədar olaraq deyə bilərəm ki, ümumiyyətlə, bu məsələ çoxdan hökumətdə müzakirə olunur. Çünki Xırdalan qəsəbəsi iki yerə bölünür. Bir tərəfi Binəqədi rayonuna, bir tərəfi də Abşeron rayonuna aiddir. Xırdalan son zamanlar çox böyüyüb. Arif müəllim qeyd elədi, 40 mindən çox əhalisi var. Hazırda burada iri sənaye obyektləri inşa edilir, istifadəyə verilir. Ona görə də mən Xırdalana şəhər statusunun verilməsinin tərəfdarıyam. Xırdalana şəhər statusunun verilməsi burada yaşayan insanların həyat şəraitinə böyük təsir göstərəcəkdir. Xırdalanın müəyyən hissəsinin Binəqədidən ayrılıb Abşerona verilməsinin də çox böyük əhəmiyyəti var. Yəni Xırdalan artıq bütünlüklə Abşeron rayonunun tərkibində fəaliyyət göstərəcək. Ona görə də mən həmkarlarımdan xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Fərrux müəllim, buyurun.
F. Zeynalov. Çox sağ olun. Mən də deputat həmkarlarımı payız sessiyasının başlanması münasibətilə təbrik edirəm. Bu möhtəşəm zalı da təşkil eləyənlərə “çox sağ ol” deyirəm.
Hazırda müzakirə etdiyimiz məsələyə gəlincə, onu demək istəyirəm ki, bu məsələnin tarixi, doğrudan da, qədimdir. Arif müəllimin dediyi kimi, vaxtilə kolxozlaşma ilə əlaqədar Bakının nəinki Binəqədi rayonunun, Sabunçu rayonunun, başqa rayonlarının da münbit torpaq sahələri müvəqqəti olaraq Abşeron rayonuna verilib və Abşeron rayonunda kolxoz və sovxozlar yaradılıb, qəsəbələr salınıb. Təbii ki, Abşeron rayonunda salınan o qəsəbələrin sosial məsələləri ilə Abşeron rayonu məşğul olub. Amma Əzizbəyov rayonunda, Bilgəhdə və ya Ramanada salınan qəsəbələrdə Əzizbəyov rayonu bu gün də heç bir sosial məsələ ilə məşğul deyil.
Ötən əsrin 90-cı illərindən başlayaraq bu günə qədər Bakı şəhərinin rayonlarında Abşeron rayonunun bir dənə də təsərrüfatı qalmayıb, sovxozlar hamısı ləğv olunub. Amma bu günə qədər də Bakının, əsasən, Əzizbəyov və Sabunçu rayonları ilə Abşeron rayonu arasında torpaq mübahisəsi gedir. Yenə də Bakıya aid çox torpaqlar Abşeronun əlində qalır. Əzizbəyov rayonunun torpaq sahələrini heç bir təsərrüfatı olmayan Abşeron rayonu paylayır. Sabunçu rayonunda da belədir. Bu məsələlər nə vaxt həll olunacaq? Hər kənd, hər qəsəbə öz torpaq sərhədini bilir. Bələdiyyələr tərəfindən torpaqların satışı ilə əlaqədar hər gün çoxlu mübahisələr meydana çıxır. Bu mübahisələrin axırı görünmür.
Arif müəllim, bu barədə bizim sizinlə çox söhbətimiz olub. Tutalım, Binəqədi rayonunun bir hissəsi Abşerona verilir, buna heç kim etiraz eləmir. Bəs Əzizbəyov rayonunda, Sabunçu rayonunda Abşeronun tabeçiliyində olan torpaqların aqibəti necə olacaq? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Fəzail İbrahimli.
F.İbrahimli. Sağ olun, Ziyafət müəllim. Mən də həmkarlarımın təbrikinə qoşuluram. Ziyafət müəllim, yadınızdadırsa, təxminən 4 il bundan qabaq mən kresloların rənginin dəyişdirilməsi barədə təkliflə çıxış etmişdim. Bu gün bu, həll olunub. Yeni kreslolarda yeni əhval-ruhiyyə ilə hamıya yaxşı iş şəraiti arzu edirəm.
Xırdalanın şəhər statusu alması məsələsinə gəlincə, bu məsələ bizim Konstitusiyada göstərilən qaydada həll olunub. Tələb olunan bütün şərtlər burada yerinə yetirilib. Komissiya buna müsbət rəy verib. Bu məsələ səsə qoyulub qəbul edilməlidir. Bu gün Xırdalanda gedən quruculuq işləri bir daha ona şəhər statusu verilməsini reallaşdıran amillərdən biridir. Ona görə də təklif edirəm ki, bunu səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Təkid eləyirsinizsə, buyurun. Fəzail Ağamalı.
F.Ağamalı. Mən bilirəm, yorulmusunuz. Ancaq Fərrux müəllim burada vacib məsələyə toxundu. Ziyafət müəllim, Siz də xatırlayırsınız, hörmətli Arif müəllim də xatırlayır ki, ikinci çağırış Milli Məclisin sessiyalarında mən bu məsələləri dəfələrlə qaldırmışam. Bu gün minlərlə insanın taleyi, sadəcə olaraq, biganəlik ucbatından qeyri-müəyyən vəziyyətdə qalıb. Yəni bu insanların Konstitusiya ilə müəyyən olunmuş hüquqlarının mütləq əksəriyyəti nəzərə alınmır.
Torpaq islahatı gedibdir. Ərazi baxımından Abşeron rayonunda olan müəyyən qəsəbələr inzibati cəhətdən ya Əzizbəyov, ya da Sabunçu rayonlarına bağlıdır. Onlar bir metr də olsa, o torpağa sahib olmayıblar. Amma o torpaqlar necə olubdur? Torpaqlar ən müxtəlif şəkildə hərraca qoyularaq heç o rayonda, qəsəbədə yaşamayan insanlara satılıbdır. Orada artıq böyük yaşayış massivləri salınıbdır. O qəsəbələrdə yaşayan insanların isə xeyli dərəcədə hüquqları pozulubdur.
Bir daha sizdən xahiş edirəm, hörmətli sədarət, Abşeron rayonunda yerləşərək guya iki rayon tərəfindən idarə olunan, əslində isə heç kim tərəfindən idarə edilməyən bu cür qəsəbələrin taleyinə biganə olmağa son qoyulsun. Bu məsələ xüsusi komissiyaya, hörmətli Arif müəllimin komissiyasına tapşırılsın. Bununla əlaqədar xüsusi layihələr hazırlansın və Milli Məclisin müzakirəsinə təqdim olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Həmin rayondan deputat seçilmiş Baba müəllimə də söz verək. Buyurun, Baba müəllim.
B. Tağıyev. Əvvəla, sizin hamınızı yeni sessiyanın başlanması münasibətilə təbrik edirəm. Sizin hamınıza can sağlığı, işinizdə uğurlar arzulayıram.
Mən müzakirə olunan məsələyə münasibətimi bildirməzdən əvvəl demək istəyirəm ki, bu heç də yeni bir problem deyil. Abşeron rayonunda mənim yaşayıb işlədiyim 25 ilə yaxın vaxt ərzində Binəqədi rayonu ilə Abşeron rayonu arasında olan ərazi bölgüləri, təşkilat bölgüləri daim insanlar üçün böyük problemlər yaradıb. İnsanlar bir rayonda qeydiyyatda olsalar da, onların bütün problemləri ilə digər rayon məşğul olur. Eyni bir küçədə işıq və ya su problemi yarandıqda bir rayonun rəhbərliyi bu məsələyə bir cür yanaşırsa, digərinin rəhbərliyi başqa cür yanaşır. Şəxsən mən belə hesab eləyirəm, Xırdalan qəsəbəsinə şəhər statusu verilməklə bu göstərilən ərazilərin Xırdalan şəhərinin ərazisinə verilməyi çox düzgün haldır. Əgər bu məsələnin əvvəlki müzakirələrində mən də iştirak etsəydim, orada əlavə olaraq sənaye zonasının və Mexkolon qəsəbəsinin də Xırdalan şəhərinin inzibati ərazi bölgüsünə daxil edilməsinin tərəfdarı olardım. Çünki bu məntəqələrin hər birində bu gün də çox böyük problemlər var. Bu problemlər inzibati ərazi bölgüsünün düzgün olmamasından irəli gəlir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təşəkkür edirəm. Arif müəllim, buyurun.
A. Rəhimzadə. Sağ olun, Ziyafət müəllim. Burada təklif verildi ki, komissiyaya tapşırılsın, Abşeron rayonunun inzibati ərazi bölgüsündə dəyişikliklər aparılsın və bu uyğunsuzluq aradan qaldırılsın. Mən məlumat vermək istəyirəm ki, bu məsələ mürəkkəb məsələdir. Bizdə bunun 43 ildən çox tarixi var. Nəticədə elə bir vəziyyət yaranıb ki, hətta Prezident bu məsələni qaldırıbdır. Hazırda cənab Prezidentin tapşırığı ilə xüsusi bir komissiya yaradılıb. O komissiya məsələlərin hamısını öyrənib, təkliflər verəcəkdir. Təkliflər bizə daxil olandan sonra, təbii ki, məsələni Milli Məclisin müzakirəsinə çıxara bilərik. Sağ olun.
Sədrlik edən. Sağ olun, Arif müəllim. Xahiş edirəm, birinci qanun layihəsinə - Azərbaycan Respublikasının Abşeron və Bakı şəhərinin Binəqədi rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.28 dəq.)
Lehinə 98
Əleyhinə 2
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 102
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Növbəti məsələyə - Azərbaycan Respublikasının Abşeron rayonunun Xırdalan qəsəbəsinə şəhər statusunun verilməsi haqqında qanun layihəsinə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.29 dəq.)
Lehinə 101
Əleyhinə 0
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 104
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Hörmətli deputat həmkarlarım! Bugünkü iclasımızın gündəliyinə daxil olan bütün məsələlərin müzakirəsi başa çatdı. Sədarət adından sizin hamınızı payız sessiyasının başlanması münasibəti ilə təbrik edir, sizə can sağlığı, uğurlar, hövsələ, təmkin və məhsuldar qanunvericilik fəaliyyəti arzulayıram! Sağ olun.
Növbəti iclas haqqında sizə məlumat veriləcək.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi