2006-ci il 10 oktyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  22

Milli  Məclisin  iclas  salonu.
10  oktyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 109 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

F. Quliyev, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Təşkilati İnspektorluq İdarəsinin rəisi.

* * *

N. Hüseynov, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq İdarəsinin rəisi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (üçüncü oxunuş).
2. Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında.
4. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında.
6. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə.
7. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında.
8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
9. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə.
10. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında.
11. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
12. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
14. “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə.
15. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında Əsasnamənin layihəsi barədə.
16. Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
17. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
18. Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Milli Məclisinə Müraciətinin təsdiq edilməsi haqqında.

İclasda qəbul edilmişdir:

1. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında” Azərbaycan Respublikasının Qanunu.
2. “Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik və əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
4. “Həmkarlar İttifaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
7. “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
8. “Dövlət sirri haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
9. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
10. “Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
11. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
12. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
13. “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
14. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında əsasnamənin layihəsi (birinci oxunuş).
15. “Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Milli Məclisinə Müraciətinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 


MİLLİ  MƏCLİSİN  İCLASI

10  oktyabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Salam, hörmətli deputatlar! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 94
Yetərsay 83

Yetərsay var, iclasımıza başlaya bilərik. 10 və 12 oktyabr tarixli iclasların gündəlikləri sizə paylanıb. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.03 dəq.)
Lehinə 98
Əleyhinə 1
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun. Gündəlik qəbul edildi. Gündəliyin müzakirəsinə ehtiyac varmı?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, onda çıxış etmək istəyənlər yazılsınlar. Buyurun, Hüseyn Abdullayev.
H. Abdullayev. Hörmətli Sədr, dəyərli millət vəkilləri!  Mən bu gün burada oturan deputat həmkarlarıma bildirmək istəyirəm ki, DİN ətrafında baş verən dəhşətli hadisələr və Ramil Usubovun son avantürist çıxışları bir daha deməyə əsas verir ki, Hacı Məmmədovun quldur dəstəsinin başında məhz onun özü durur. Odur ki, mən onun gəlib Azərbaycan xalqını təmsil edən Milli Məclis qarşısında hesabat verməsini xahiş edirəm. O ki qaldı mənim mətbuatda verdiyim yazılara, mən bir daha öz fikrimdə qalıram və yenə deyirəm, daxili işlər naziri Ramil Usubov Azərbaycan dövləti üçün ciddi təhlükədir və törətdiyi bütün cinayətlərə görə cavab verməlidir. Əks halda bizi daha böyük faciələr gözləyir.
Sədrlik edən. Hörmətli millət vəkili, biz gündəliyi müzakirə etmək istəyirdik. Xahiş edirəm, qulaq asın. Birincisi, Azərbaycanda Prezident idarə üsulu mövcuddur. İkincisi, Azərbaycanda elə bir prosedur qaydası yoxdur ki, hər hansı nazir Milli Məclisə dəvət edilsin və burada hesabat versin. Konstitusiyaya uyğun olaraq...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən Sizin sözünüzü kəsmədim, Siz də Milli Məclisə hörmətlə yanaşın. Konstitusiyaya uyğun olaraq hökumət ildə bir dəfə Milli Məclisə hesabat verir. Əgər lazım olarsa, nazir də hesabat dövründə dəvət oluna bilər. Siyahı üzrə İqbal Ağazadəyə söz verilir. Buyurun.
İ. Ağazadə. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Mən minnətdaram ki, bu dəfə cari məsələlər və gündəliyə əlavələr üçün imkan yaradıldı. Keçən dəfə cari məsələlərə vaxt ayrılmadı. Hesab edirəm ki, payız sessiyasında bir sıra məsələlərin müzakirəsi olduqca vacibdir. Qarabağ ətrafında gedən danışıqlar və Azərbaycana təklif olunan variantlar barədə Milli Məclisdə müzakirə açılmasını dəfələrlə təklif etmişik. Noyabrın 11-12-nə qədər Brüsseldə Avropa Birliyinin qonşuluq siyasəti ilə bağlı müəyyən bir sənədin imzalanması gözlənilir. Həmin sənəddə 5 il müharibə etməməklə bağlı Azərbaycanın öhdəlikləri var. Bununla bağlı mən istəyərdim ki, Milli Məclisdə müzakirə təşkil olunsun. Xarici İşlər Nazirliyi bizə məlumat versin ki, hansı danışıqlar, proseslər gedir. Avropa Birliyinin qonşuluq siyasətinə qoşularkən Avropa Birliyi konfliktin həll olunması üçün hansı məsələləri öz üzərinə götürür? Bununla bağlı Milli Məclisə çox ciddi şəkildə informasiya verilsin. Ola bilsin ki, bu iclas qapalı keçirilsin. Burada Azərbaycanın təhlükəsizliyi baxımından millət vəkillərinin indiyə qədər deyə bilmədiklərini qapalı iclasda biz Xarici İşlər və Müdafiə nazirlikləri ilə bir yerdə müzakirə eləyək. Qarabağ məsələsinin bu gün hansı yerdə olduğu və Azərbaycanı nələr gözlədiyi, Azərbaycana nələr təklif edildiyi barədə biz ciddi obyektiv informasiyaya malik olaq.
Payız sessiyasının gündəliyinə təklif etdiyim ikinci məsələ Azərbaycanın iqtisadi siyasət doktrinasının qəbul olunması haqqındadır. Təbii, fikirlər səslənə bilər ki, 2007-ci ilin büdcəsi müzakirə olunarkən bu məsələyə qayıdılar. İndiyə qədər Azərbaycana əlavə pul vəsaiti daxili resurslar, kreditlər və sair hesabına daxil olurdusa, növbəti illərdə neftdən gələn gəlirlər daxil olacaq. Azərbaycan həmin pulun xərclənməsi istiqamətində çox ciddi iqtisadi siyasət doktrinası qəbul etməlidir. Bu iqtisadi siyasət doktrinasının hesabına da Azərbaycan özünün gələcək inkişaf modelini müəyyənləşdirməlidir. Təbiidir ki, büdcə məsələləri müzakirə olunanda mən bu məsələyə daha geniş qayıdacağam.
Üçüncü, istəyərdim ki, payız sessiyasında müzakirə edəcəyimiz məsələlərdən biri əhalinin sosial-iqtisadi vəziyyəti ilə bağlı olsun. Müəllimlərin maaşı cəmi 25 faiz, prokurorluq işçilərinin maaşı 2,5 dəfə artırılır. Amma inflyasiyanın həddi, qiymətlərin artımı keçənilkindən ən azı 50-55 faiz, hələ bəzi məhsullarda daha artıq şəkildə artıb. Nədən bu tənasüb pozulub, büdcə təşkilatlarında çalışan müəllimlər ordusunun maaşları belə az artırılıb? Bu məsələlərə istərdim ki, sosial siyasətin müzakirəsi zamanı diqqət yetirək.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F.Ağamalı. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim təqdim edilmiş gündəliyə etirazım yoxdur. Özümün müsbət rəyimi səsvermədə ifadə etdim. Lakin bununla bərabər vacib birliyin iki məqamı üzərində dayanmaq istərdim. Birincisi, son illər ölkədə gedən quruculuq işləri göz önündədir. Quruculuq işləri təkcə ölkənin paytaxtı Bakı şəhərində deyil, regionlarda da geniş vüsət alıbdır. İnkişaf, yenidənqurma, bərpa işləri, yeni-yeni müəssisələrin açılması, infrastrukturun yeniləşməsi göz önündədir. Hər bir Azərbaycan vətəndaşı kütləvi informasiya vasitələri ilə bunu izləyir, görür və düşünürəm ki, həqiqəti olduğu kimi dərk eləyir və qiymətləndirir.
Azərbaycanda gedən quruculuq işlərinin tərkib hissəsi kimi keçən may ayından, ötən sessiyanın sonlarından Milli Məclisdə başlayan yenidənqurma, bərpa işləri qısa zamanda yüksək səviyyədə həyata keçirildi. İstər müxalifətdən olan, istər neytral, istərsə də hər hansı siyasi qütbə malik millət vəkillərinin mənfi rəy formalaşdırmasına inanmıram. Düşünürəm ki, belə bir rahat şəraitdə fəaliyyət göstərmək hər bir millət vəkilinin arzusu olubdur. Lakin təəssüf ki, ayrı-ayrı müxalifət partiyalarının himayəsində olan qəzetlər həqiqəti etiraf etmək, quruculuq işlərinin müsbət tərəflərinin üzərində dayanmaq əvəzinə Milli Məclisə, Milli Məclisin rəhbərliyinə böhtan atmaqda davam edirlər. Düşünürəm ki, bunların hamısı əbəsdir, çünki bu gün Azərbaycanda bütün işlər şəffaf şəraitdə aparılır. Eyni zamanda, mən tamamilə əminəm ki, Milli Məclisə sərf olunan vəsait də şəffafdır və burada hər hansı bir cinayətin axtarılması absurddur və xəstə təxəyyüllərin məhsuludur.
İkinci məsələ. Hörmətli cənab Sədr, 6 oktyabrda Rusiyanın “Vesti” proqramında “Fransada ermənilər” adında 45 dəqiqəlik veriliş getdi. Bu verilişin gedişi zamanı Ermənistanın, Qafqazın ingilis dilində xəritəsi təqdim olundu. Həmin xəritənin hətta rəngi diqqətimizi cəlb edir. İşğal olunmuş Azərbaycan torpaqları Ermənistanın ərazisi kimi sarı rəngdə təqdim olundu. Ona görə də bu cür halların Rusiyanın rəsmi televiziyası deyilən RTR-də...
Sədrlik edən. Xahiş edirəm, vaxtımız azdır.
F. Ağamalı. Cənab Sədr, bu cür halların olması Rusiya ilə Azərbaycan arasında münasibətlərin inkişafına xələl gətirər. Bildiyimiz kimi, Rusiya həm də Minsk qrupunun həmsədrlərindən biridir. Ona görə də mən təklif edərdim ki, rəhbərlik səviyyəsində Xarici İşlər Nazirliyinə bu fikirlər çatdırılsın. Həmin verilişdə belə bir xəritənin göstərilməsinə görə ya Xarici İşlər Nazirliyi və ya Azərbaycanın Rusiyadakı səfirliyi səviyyəsində Rusiya hakimiyyət orqanlarına etiraz bildirilsin. Sağ olun.
Sədrlik edən. Cəmil Həsənli.
C. Həsənli. Çox hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və mətbuat nümayəndələri! Bizə iki iclasın gündəliyi paylanılıb. Ümid edirəm ki, bu iclas ərzində millət vəkilləri gündəliyə təqdim olunan məsələləri müzakirə və müvafiq qaydada qərar qəbul edəcəklər. Lakin ötən iclasımızda yaxşı bir ənənənin bünövrəsi qoyuldu. Cənab Prezident parlamentə gəldi və parlament qarşısında çıxış etdi. Bu səbəbdən biz payız sessiyasının qanunvericilik işləri planını yetərincə müzakirə edə bilmədik. Bizim çox zəruri hesab etdiyimiz müəyyən təkliflər var idi ki, onları qarşıdakı iclasların gündəliyində görmək istərdik. Bunlardan ən mühümü, Oqtay müəllim, neft haqqında qanundur. Bunu heç nə ilə izah etmək mümkün deyildir ki, respublikanın əsas sərvəti olan neft haqqında bu günə qədər Azərbaycan parlamentində qanun qəbul edilməyib. Neft ilə bağlı digər məsələlər həmin qanundan irəli gəlməli və bu qanuna əsaslanmalı idi. Təəssüflər olsun ki, baza qanunu indiyə qədər yoxdur. Mən ümid edirəm, Milli Məclisin rəhbərliyi müvafiq dairələrlə əlaqə saxlayacaq və neft haqqında qanunun yaxın zamanlarda parlamentə təqdim edilməsini təmin edəcəkdir.
İkinci, əhali ilə görüşlər zamanı qarşımıza qoyulan mühüm məsələlərdən biri inflyasiyanın əhalinin əmək haqlarının, pensiyalarının alıcılıq qabiliyyətini azaltmasıdır. Vaxtilə əmək haqlarının və pensiyalarının indeksləşdirilməsi haqqında məsələ gündəliyə gəldi, təəssüflər olsun ki, sonra unuduldu. Qiymətlərin sürətlə bahalaşdığı, inflyasiyanın aztəminatlı ailələrin, pensiyaçıların həyatına ciddi təsir göstərdiyi bir vaxtda mən hesab eləyirəm ki, əmək haqlarının, pensiyaların indeksləşdirilməsi haqqında qanun bizim payız sessiyasında müzakirə və qəbul edilsə, əhalimizin xeyrinə olar.
Bir hal da, Oqtay müəllim, demək olar ki, artıq kütləvi xarakter alıbdır. Çox pis bir ənənə yaranır. Müəyyən yerlərə icra başçısı və ya müxtəlif rəhbər vəzifələrə təyin edilənlər gəlib yerli adamlara deyirlər ki, siz ərizənizi yazın, çıxın. Çıxmasanız, sizi müxtəlif, daha pis yollarla işdən çıxaracağıq. Mən öz adamlarımı gətirmək istəyirəm. Bu yaxşı ənənə deyil.
Sədrlik edən. Aydın oldu, Cəmil müəllim. Çox sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun, hörmətli Sədr! Hörmətli millət vəkilləri! Milli Məclisin ötən sessiyasında cari məsələlərin müzakirəsinə imkan olmadı və biz öz təkliflərimizi deyə bilmədik. Payız sessiyasının qanunvericilik işləri planı bizə paylanıb. Həmin planla bağlı təkliflərimiz var. Biz yaz sessiyasının gedişində eks-prezidentin statusu haqqında qanun layihəsi işləyib hazırlamışıq. Onu Müsavat deputat qrupu adından hörmətli Səfa müəllimə təqdim eləmişəm.
Bu il Azərbaycanın müstəqillik aktının qəbul edilməsinin 15 illik yubileyidir. Mənə elə gəlir ki, bu qanun layihəsi gündəliyə salınmalıdır. Ömrünü, həyatını Azərbaycanın istiqlalına və azadlığına həsr eləmiş və Azərbaycan xalqının dərdini öz dərdi bilən Azərbaycan milli azadlıq hərəkatının lideri, eks-prezident Əbülfəz Elçibəyin haqqının bu günə qədər tanınmaması nə hakimiyyətimizə, nə də bizlərə şərəf gətirən məsələdir. Onun ailəsinin dövlət qayğısından kənar qalması, özünün adının əbədiləşdirilməməsi və eks-prezident statusunun qəbul olunmaması, mənə elə gəlir ki, düzgün deyil . Biz bu məsələni gündəliyə salmalıyıq və onun haqqı tanınmalıdır. Əbülfəz Elçibəy layiq olduğu haqqı almalıdır. Bir çox millət vəkillərimiz, təəssüflər olsun ki, bu məsələyə yanlış mövqedən yanaşır, onun səlahiyyətlərinin əlindən alınmasını bəhanə gətirirlər. Amma mən sizə xatırladıram ki, onun bir illik prezidentliyi dövründə qəbul edilən qanunlar bu gün də işləyir, öz qüvvəsindədir. Tək ona istinad eləyərək bu məsələni həll etmək mümkündür.
İkinci məsələ də müstəqillik aktının qəbul olunmasının 15 illiyi ilə əlaqədardır. Bir çox ölkələrdə həmin ölkənin müstəqilliyinə səs vermiş millət vəkilləri dövlətin bir çox mükafatları ilə təltif olunurlar. Mən də təklif edirəm ki, müstəqillik aktına səs vermiş millət vəkillərini də dövlət təltif eləsin. Onların da bir çoxu kənarda qalıb, hətta deputat pensiyası ala bilmir. Bizlərə müraciət ediblər. Həmin məsələlərə də baxılsın, bunlar öz müsbət həllini tapsın.
Daha bir məsələ, bilirsiniz ki, indiyə qədər ən aktual mövzulardan biridir. Müsavat partiyasında bir çox mütəxəssislərin iştirakı ilə Azərbaycan Respublikasının Seçki Məcəlləsinə dəyişikliklər edilməsi haqqında qanun layihəsi hazırlamışıq və təqdim edəcəyik. Bu iki məsələnin payız sessiyasının gündəliyinə salınmasını xahiş edirik. Sağ olun.
Sədrlik edən. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən ilk növbədə Hacı Məmmədovun məhkəmə prosesi və parlamentin tətili dövründə gedən müxtəlif proseslərə, cərəyanlara münasibətimi bildirmək istəyirəm. Sonra gündəliklə bağlı təkliflərim var. Mən hesab edirəm ki, diqqət edirsinizsə, Hacı Məmmədovun məhkəmə prosesi bir siyasi fəallıq mövzusuna çevrilib. O günlər ki məhkəmə olmur, ən müxtəlif dairələr sanki passiv bir durumda qalırlar. Elə ki proses başlayır, maqnitin biri digərini itələdiyi kimi proseslər yön almağa başlayır. Bir Qarabulaq Qusarda müəyyənləşir, yeri tapılır, amma ondan sonra “qarabulaqların” sayı-hesabı bilinmir. Kimi bilavasitə hüquq mühafizə orqanları ilə hesab çəkmək, kimi də hakimiyyət içərisində hansısa dövrlərdə mövcud olmuş müxalifəti bir ucdan dirildərək təzədən hərəkətə gətirmək və bəlkə də 2008-ci ilin öncəsində, 2005-də olduğu kimi, vurulması üçün təzədən fəaliyyət göstərməkdədir. Mənim fikrimcə, hesabatlılıq demokratik cəmiyyətin, dövlətin əsasıdır, hesabat hamı üçün lazımdır, bütün hüquq mühafizə orqanlarının parlamentdə hesabat verməsi ancaq işin xeyrinə olardı. Lakin bu zəmində hesabların çəkilməsini mən heç istəməzdim.
Mən bu gün birinci növbədə Fransa parlamentində Türkiyənin ermənilərə qarşı saxta soyqırımı ilə bağlı qaldırılan məsələyə qısa olaraq, münasibətimi bildirmək istəyirəm. Düşünürəm ki, tarixi, milli köklərlə bağlı olduğumuz Türkiyə ilə bu gün eyni xətdə hərəkət elədiyimiz üçün yox, kobud desəm, öz payımızı götürmək üçün biz də sərt addımlara qatılmalıyıq, çünki Fransanın Azərbaycana qarşı belə addımlar atmayacağına heç bir zəmanət yoxdur. Azərbaycan xalqını heç kim inandıra bilməz ki, Fransa sabah ATƏT-in Minsk qrupunda həmsədr olaraq Azərbaycanın maraqlarından çıxış eləyəcək. Ona görə mən təklif edirəm ki, Fransa senatına etirazımızı bildirməklə bərabər, Türkiyə ilə birgə ən müxtəlif səpkilərdə ta Fransanın ATƏT-in Minsk qrupunda həmsədrliyini dayandırana qədər addımlar atmalıyıq.
Cənab Sədr, əlavə olaraq Qəbələ radiolokasiya stansiyasından istifadə edilməsi barədə Rusiya ilə Azərbaycan arasında bağlanmış müqaviləyə təzədən baxılmasını təklif edirəm, çünki Rusiya qazın qiymətini bahalaşdırıb, amma o stansiyadan əldə olunan informasiyanın qiyməti daha böyükdür. Rusiya qazın qiymətini qaldırırsa, biz də onun qiymətini qaldırmalıyıq.
Lobbiçilik haqqında qanun layihəsi, mən təklif edirəm, parlament...
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də başlanğıcda Arzu Səmədovun fikirlərinə dəstək vermək istəyirəm. Hesab edirəm ki, kiminləsə siyasi mübarizəni o insanın sağlığında aparırlar. Onun ölüsü ilə siyasi mübarizə aparmırlar. Azərbaycanın milli azadlıq hərəkatının liderlərindən biri olmuş Əbülfəz Elçibəyin haqqının tanınması tariximizə verdiyimiz ən ciddi qiymətlərdən biri olmalıdır. Ola bilsin ki, bu istiqamətdə qanun qəbul etməyə psixoloji komplekslər, müəyyən problemlər mane olur. Amma mən hesab edirəm ki, onun ailəsinə Prezident təqaüdünün ayrılması ilə əlaqədar ilkin addım atılması mümkündür. Bunu etmək ən azı bizə ancaq başucalığı gətirər, tariximizə hörmət etdiyimizi göstərər.
İkinci, ciddi məsələlərdən biri də budur ki, yaxın zamanlarda bizdə Nazirlər Kabinetinin hesabatı gözlənilir. Bir problemi biz indidən həll etməliyik. Məsələ qaldırılanda ki hər hansı bir mühafizə orqanının rəhbəri hesabat versin, bu, narahatlıq doğurur. Ümumiyyətlə, biz bu ənənəni parlamentdə bərpa etməliyik. ATƏT-in Brüssel Bəyannaməsi üzrə təhlükəsizlik orqanları üzərində parlament nəzarəti mexanizmi yaradılmalıdır. Bu istiqamətdə biz qanunvericiliyin hazırlanmasına indidən başlamalıyıq və indidən Nazirlər Kabineti hesabat verəndə həm Daxili İşlər, həm Milli Təhlükəsizlik, həm də Müdafiə nazirliklərinin hesabatı gündəmə çıxarılmalıdır. Bu, parlamentin nüfuzunun qalxmasına xeyli kömək edə bilər. Mən hesab edirəm, bu istiqamətdə lazımi addımlar atılacaq.
Digər bir məsələ bizə təqdim olunan qanunvericilik işləri planı ilə bağlıdır. Milli Məclisin qanunvericilik işləri planının sonuncu bəndində yazılır: ”Azərbaycan Respublikası qanunlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” qanun layihəsi”. Təbii ki, bütün qanunları burada əhatə etmək mümkün deyil. Amma bəzi qanunlar cəmiyyəti, beynəlxalq ictimaiyyəti maraqlandırır. Məsələn, “Siyasi partiyalar haqqında”, “Sərbəst toplaşma azadlığı haqqında”, “Dini etiqad azadlığı haqqında” qanunlar və başqa qanunların sadalanması lazımdır ki, heç olmasa, görünsün ki, əlavə və dəyişikliklər ediləcək, yeni qanun qəbul olunmur. Milli Məclis, həqiqətən də, bu qanunlara baxmaq niyyətindədir. Digər tərəfdən mən hesab edirəm ki, bu qanunlara baxılanda kompleks dəyişikliklər planı tərtib olunmalıdır. Hər qanunda pərakəndə, ayrı-ayrı dəyişikliklər vətəndaşların hüquqlarını pozur. Kimsə yeni bir qanun kitabı alır, sabah bir qanunu dəyişirik, həmin kitabın, onun verdiyi pulun da əhəmiyyəti olmur. Ona görə bu məsələlərə diqqətlə yanaşmağımız vacibdir.
Sədrlik edən. Sağ olun. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Sədr, hörmətli Milli Məclis! Mən də gündəliklə bağlı bir neçə fikrimi sizə çatdırmaq istəyirəm. İlk öncə Zahid Orucovun müxalifət haqqında dediyi fikri yanlış bir fikir olduğuna görə, özünə qaytarmaqla, digər bir fikrini dəstəkləmək istəyirəm. Doğrudan da, sabah yox, birigün Fransa parlamentində insan haqlarına və beynəlxalq hüquqa zidd olan, heç bir ölçü və məntiqlə izah edilməyən bir məsələnin müzakirəsinə başlanacaq. Həmin məsələ də bundan ibarətdir ki, kim türklər tərəfindən ermənilərin soyqırıma məruz qalmasını inkar edərsə, o, cinayətkar sayılacaq və ona qarşı hüquq çərçivəsində cəza tətbiq olunacaq. Mən hesab edirəm ki, indiki vəziyyət bütövlüklə Azərbaycanın mövqelərinə ziddir. Üstəlik Fransa Türkiyədən zorla tələb edir ki, Ermənistanla sərhədləri açsın, yəni Qarabağ məsələsini, Azərbaycan torpaqlarının işğal olunmasını, Ermənistanın Azərbaycanda, Xocalıda apardığı soyqırımını Fransa görmür, amma olmayan, uydurulmuş 1915-ci il soyqırımını dünyaya təlqin etmək istəyir. Bu onu göstərir ki, Avropa ölkələrinin, o cümlədən Fransanın işğal nəticəsində Türkiyədən qopara bilmədiyi torpaqların acığını bu yolla çıxmaq istəyir. Azərbaycan parlamenti bu məsələyə öz münasibətini bildirməlidir.
İkincisi, ən qısa zamanda Abşeron torpaqları haqqında bir qanun qəbul etməliyik. Abşeron Bakının yerləşdiyi bir yerdir. Sumqayıt, Bakı, qəsəbələr burada birləşir. Mən bu yaxınlarda, - çoxdan çıxmırdım, - Abşeronun bir neçə kəndinə getdim. Abşeron başdan-başa daş hasarlarla bölünüb. Kimindir bu daş hasarlar? Nə qururlar, hansı qalaçalar qururlar? Torpaq istəyiriksə, gedək, Qarabağ torpaqlarını azad eləyək. Balaca Abşeronun başına nə oyunlar açılır?
Hesab edirəm, çox vacib məsələlərdən biri də budur ki, MSK-da boş qalan yerləri nədənsə hamı unudur. MSK-da müxalifətin yerləri boşdur. Xahiş edirəm, bunları həll eləyin ki, dairələr, məntəqələr müəyyənləşsin. Bunu nə vaxta qədər uzadacağıq?
Sonra, əhalinin sosial vəziyyəti ilə bağlı mən də təklif edirəm ki, məsələ müzakirə olunmalıdır. Büdcəmiz bu il təxminən 12 il bundan əvvəlki büdcədən 20 dəfə artıb, 300 milyon dollardan indi 6 milyard dollara yaxınlaşır. Amma baxaq görək əhalinin həyat səviyyəsi neçə dəfə yüksəlib? Bununla bağlı, məncə, hökmən məsələ müzakirə edilməlidir.
Bir də qanuna aid qeydim var. Mən vaxtilə sizə sərbəst detektiv fəaliyyəti haqqında bir qanun layihəsi təklif eləmişdim. Payız sessiyasının iş planında “Qeyri-dövlət (özəl) mühafizə fəaliyyəti haqqında” qanun layihəsi var. Bunlar mahiyyətinə görə bir-birinə yaxındırlar. Mən çox istərdim, mənim tərcümə etdiyim qanun layihəsi ilə bu qanun layihəsinə bir yerdə baxılsın və lazım olsa, bunlar birləşdirilsin, çünki təklif olunan qanun layihəsində gərəkli maddələr var. Ümumiyyətlə, müasir dünyada qəbul olunmuş sistemli bir qanun ola bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən deputat həmkarlarımın qaldırdıqları bir sıra məsələləri dəstəkləməklə çıxışıma başlamaq istəyirəm. Olduqca vacibdir ki, Qarabağ məsələsi gündəmə gətirilsin, parlament dinləmələri keçirilsin. Dövlət başçısının keçən dəfə çıxışında da göstərildi ki, bu məsələnin Azərbaycanın mənafeyinin ziddinə həll edilməsi üçün ciddi beynəlxalq təzyiqlər var. Mənə elə gəlir ki, bu təzyiqlərin olması həmin məsələnin parlamentdə dinlənilməsini zəruri eləyir.
İkinci məsələ son dövrdə Azərbaycanda kütləvi informasiya vasitələri və söz azadlığı sahəsində olduqca acınacaqlı vəziyyətin yaranması və beynəlxalq aləmdə Azərbaycanın buna görə biabır olmasıdır. Hesab edirəm ki, bu məsələ barədə də xüsusi dinləmələrin keçirilməsinə ciddi ehtiyac vardır.
Mən deputatların Fransa parlamentindəki qanunla bağlı həyəcanlarını da bölüşürəm və hesab edirəm, Milli Məclisin Aparatına tapşırılmalıdır ki, bu məsələ barədə Milli Məclisin rəsmi mövqeyini fasilədə bəyanat və ya hansısa başqa bir sənəd şəklində hazırlasın. Elə bu gün Milli Məclis həmin məsələ ilə bağlı öz mövqeyini ifadə eləsin.
Sədrlik edən. Mikrofona bir az yaxın danışın, xahiş edirəm.
P. Hüseyn. Təklifim ondan ibarət idi ki, fasilədə Fransa parlamentində erməni genosidi ilə bağlı məsələyə baxılmasına Milli Məclisin münasibətini əks etdirən bir sənəd hazırlansın. Bu gün biz həmin məsələyə rəsmi şəkildə münasibətimizi bildirək.
Burada deputat Hüseyn Abdullayevin qaldırdığı məsələ ilə bağlı hörmətli Sədr bildirdi ki, belə bir prosedur qayda yoxdur. Belə bir prosedur qayda var. Azərbaycan Respublikası Milli Məclisinin Azərbaycan Respublikası Nazirlər Kabinetinə etimad məsələsinin həll edilməsi hüququnun əlavə təminatları haqqında Konstitusiya Qanununun 3-cü maddəsində göstərilir ki, deputat sorğuları əsasında Nazirlər Kabinetinin üzvləri müəyyən edilmiş qaydada Milli Məclisin iclasına dəvət edilə və onların bu və ya digər məsələ barədə hesabatları, cavabları, izahatları dinlənilə bilər. Ümumiyyətlə, mən hörmətli Sədrin bu fikri ilə razıyam ki, belə prosedurların olmaması çox ciddi məsələdir. Hesab edirəm ki, Milli Məclisin binasının təmiri ilə kifayətlənmək olmaz. Milli Məclisin işinin təşkili ilə bağlı ciddi islahatlar aparılmalıdır. Milli Məclisin ciddi siyasi bir təmirə ehtiyacı vardır. Bu da müvafiq qanunvericilik bazasında, Daxili Nizamnamədə, “Deputat statusu haqqında” Qanunda ciddi dəyişikliklər edilməsini tələb edir. Təşəkkür edirəm.
Sədrlik edən. Cari məsələlər üçün ayrılan vaxt qurtardı. Mən bir neçə suala cavab vermək istəyirəm. Birincisi, İqbal müəllim də, bəzi deputatlarımız da bir fikrin üzərində dayandılar. Hesab edirəm ki, dövlət başçısı cənab Prezident Milli Məclisdə çıxışında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə çox aydın bir açıqlama gətirdi. Bildiyiniz kimi, bu gün danışıqlar bərpa olunub. Cənab Prezident Azərbaycan xalqının, dövlətinin mənafeyinə zidd heç bir qərar qəbul etməyəcək. Mən hesab edirəm ki, bu məsələ cənab Prezidentin və onun təyin etdiyi nümayəndələrin öhdəsinə buraxılmalıdır. Bu məsələyə cənab Prezident tərəfindən səlahiyyətli nümayəndələr cəlb olunub, onlar da bununla məşğul olurlar. Əgər təkliflər varsa, həmin təklifləri yazılı şəkildə Milli Məclisin müvafiq komissiyalarına vermək lazımdır. Bəlkə elə təkliflər olacaq ki, biz onların üzərində işləyəcəyik.
İkinci, bu gün Milli Məclisin ikinci iclası keçirilir. Təmir məsələsi bəzilərinin xoşuna gəldi, bəzilərinin xoşuna gəlmədi. Mənim özümə də acı gəlir ki, hər hansı yaxşı bir işə də ləkə yaxmaq, nə isə bir sensasiya axtarmaq istəyirlər. Pənah bəy də deyir ki, Milli Məclis təmir olunub, sizinlə bir yerdə hamımız təmir olunmalıyıq. Milli Məclis bir aparatdır. Jurnalistlər çox suallar verirlər, bəziləri deyirlər ki, Milli Məclisin iclas salonu 50 milyon dollara başa gəlib. Mən açıqlama vermək istəmirəm, hər şey şəffafdır. Demək istəyirəm ki, 50 milyona 13 belə salonu təmir etmək olardı. Mən artıq bir söz demək istəmirəm. Maraqlanan adamlar üçün deyirəm ki, Milli Məclisin İşlər İdarəsinin müdiri var, işlənən pullar, tender, Hesablama Palatası, Auditorlar Palatası var. Onu da deyim ki, Milli Məclisin təmiri sona çatdırılmayıb. Təmir başa çatmayıb, təmir başa çatanda tam açıqlama veriləcək.
Deputatlarımız bəzi məsələlər qaldırdılar. Məsələn, Arzu Səmədov, bilirəm ki, Aparatın tərkibi, eks-prezidentin statusu haqqında təklif verib, buna baxılır, üzərində işləyəcəyik. Əsas məsələlərdən biri Fransa parlamentinin baxacağı məsələdir. Mən hesab edirəm ki, nə Türkiyə, nə də Türkiyə parlamenti o qədər zəif deyil ki, bunlara cavab verə bilməsin. Biz də, razıyam, Türkiyəni dəstəkləməliyik. Ancaq Fransa parlamentinin belə bir qərarı dünyaya aid deyil, yalnız Fransanın özünə aiddir. Biz dəfələrlə demişik ki, Fransada erməni lobbisi çox böyük bir qüvvədir, bir dəstə deputat onların əlində oyuncaqdır, onlar bu dəstədən istifadə edirlər. Mən də razıyam ki, biz bu məsələyə münasibətimizi bildirməliyik. Qalan məsələlərə aid təkliflər, xahiş edirəm, yazılı surətdə komissiyalara verilsin, orada baxılsın, sonra cavabını deyərik.
İndi xahiş edirəm, işimizə başlayaq. Birinci məsələ Gender (kişi və qadınların) bərabərliyinin təminatı haqqında Azərbaycan Respublikası qanununun layihəsidir. Bu qanun layihəsi barədə məlumat vermək üçün İnsan hüquqları daimi komissiyasının sədri Rəbiyyət Aslanovaya söz verilir.
R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsi üçüncü oxunuşda müzakirənizə təqdim olunur. Bütün sahələrdə olduğu kimi, cəmiyyətdə insanlar, müxtəlif sosial təbəqələr, o cümlədən cinslər arasında münasibətlər də zaman keçdikcə dəyişir, təkamül edir. Tarix boyu bu münasibətlər müəyyən üsullarla, məsələn, adət-ənənə və dini qaydalarla tənzimlənmişdir. Bizim yaşadığımız tarixdə isə demokratik inkişaf, vətəndaş cəmiyyəti kimi modellər insanlar arasında münasibətlərin başlıca olaraq hüquqi və qanuni yolla tənzimlənməsini prioritet məsələyə çevirir. Müasir qloballaşma prosesləri də insan hüquqlarının beynəlxalq unifikasiya, deqlomentasiyasını sürətləndirir. İnsan haqları da məlum olduğu kimi, dinamik bir fenomendir, birdəfəlik müəyyən edilmir. Zaman bu sahədə də öz təshihlərini edir, yeni qanunlarla insanlar arasındakı münasibətlərdəki problemləri tənzimləyir. Deyilənlər Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanun layihəsinə də aid edilə bilər.
Qadınların imkan və hüquqlarının XX əsr ərzində xüsusi ilə ən çox müzakirə olunan mövzu olduğu məlumdur və aktuallığının səbəbini məhz burada görmək olar. Belə ki, kişilərin hüquqları ilə müqayisədə qadın hüquqlarının tanınmasına yalnız XX əsrdə nail olmaq mümkün olub. Bu, obyektiv əsaslardan qaynaqlanmış və bütün dünya üçün xarakterik bir meyl olmuşdur. Buna görə də gender bərabərliyinin təminatı mövzusunun həm dünyagörüşü, həm də hüquqi baxımdan şərhində birtərəfli şərh və yanlışlıqlara yol verilməsi qeyri-mümkündür. Bu, bəşər tarixinin sınağından çıxmış təcrübədir. Müasir dövrdə elə bir beynəlxalq təşkilat yoxdur ki, üzv olan dövlətlər üçün gender balansının düzgün tənzimlənməsini əsas vəzifə kimi qarşıya qoymasın.
Azərbaycan beynəlxalq təşkilatların tam hüquqlu üzvü kimi müvafiq hüquqi bazanın formalaşması üçün iş aparır. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında Azərbaycan Respublikasının qanun layihəsi də bu istiqamətdə atdığımız mühüm addımdır. Birinci və ikinci oxunuşlarda bu qanun layihəsinin təkmilləşdirilməsi üçün qiymətli fikirlərini vermiş bütün həmkarlarıma minnətdarlığımı bildirirəm. İkinci oxunuşdan sonra yenə də layihəyə əlavələr və təkliflər edilmiş, layihə təkmilləşdirilmişdir. İkinci oxunuşdan sonra layihəyə 4 yeni maddə əlavə olunmuş, 1 maddə çıxarılmış, 2 maddə yeni redaksiyada verilmişdir, 10 maddədə anlayışlar daha uyğunları ilə əvəz olunmuşdur. Ümumilikdə, qanun layihəsinə 13-dən çox əlavə və dəyişikliklər edilmişdir.
İkinci oxunuşda qanun layihəsi 19 maddədən ibarət idi, üçüncü oxunuşda isə bu maddələrin sayı artaraq 21-ə çatmışdır. 1-ci maddədə qanunun məqsədi yeni redaksiyada verilmişdir. Hörmətli həmkarlarım bu məqsədin daha aydın şəkildə ifadə olunmasını tələb etmişlər və biz də bunu etmişik.
Qanun layihəsinin 2-ci maddəsi “Əsas anlayışlar” adlanır. Bu da yeni redaktədə verilib.
Qanun layihəsinin 3-cü maddəsi ikinci oxunuşda “Bu qanunun şamil edilmədiyi sahələr” adlanırdı. Üçüncü oxunuşda bu maddə çıxarılıb yeni oxunuşda qanun layihəsinin 3-cü maddəsi ”Cinsi mənsubiyyətə görə ayrı-seçkiliyə yol verilməməsi” adlandırılmışdır. 3-cü maddənin 3.2.1-ci bəndindəki “qanunvericilik” sözü “Əmək Məcəlləsi” sözləri ilə əvəz edilmişdir.
Üçüncü oxunuşda qanun layihəsinin 4-cü maddəsi yeniləşdirildi. Maddənin “Seksual qısnamaya yol verilməməsi” kimi adlandırılması təklifi deputat həmkarım Məlahət Həsənova tərəfindən verilmişdir. 5, 6, 7-ci maddələrdə elə bir dəyişiklik edilməyib.
Qanun layihəsinin 8-ci maddəsi “cinsi mənsubiyyətə görə ayrı-seçkiliyin aradan qaldırılmasında işəgötürənin vəzifələri” adlanır. Deputat həmkarlarımın təklifləri bu maddənin də təkmilləşməsinə səbəb olmuşdur. Bu maddədə işə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq və işdən azad edilərkən bərabər imkanlar, əməyin ödənilməsi və sair məsələlər əhatə olunmuşdur.
9-cu maddə “Əməyin ödənilməsində bərabərlik” adlanır. Bu maddə peşə və məşğuliyyət seçimində, əmək fəaliyyətində dövlətin bərabər imkanlar təmin etməsini nəzərdə tutur və məşğulluq imkanları, peşə seçimi, eləcə də əmək münasibətlərində gender bərabərliyini təmin edərək dövlət və özəl sektorda bütün işəgötürənlər üçün ümumi qayda və vəzifələr müəyyən edir. 9-cu maddənin 1-ci bəndinə “eyni dəyərli iş” sözləri əlavə olunmuşdur.
10-cu maddə cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi əks etdirən elan barədədir. Birinci və ikinci oxunuşlarda bu məsələ kifayət qədər müzakirə obyekti olmuşdur. İndi isə işə qəbul haqqında elanlarda kişi və qadınlara qarşı fərqli tələblərin irəli sürülməsinə yol verilməməsi xüsusi qeyd olunur.
Qanun layihəsinin 11-ci maddəsi “Seksual qısnamaya məruz qalmış işçilərə qarşı hər hansı təzyiqin yolverilməzliyi” adlanır. Bu maddəyə görə işəgötürəndən şikayət etmiş şəxslər hər hansı təqib və təzyiqlərə məruz qala bilməzlər. İşəgötürən tərəfindən deyil, çox vaxt rəhbəri tərəfindən seksual qısnamaya məruz qalmaları aradan qaldırmaq üçün 11-ci maddəyə “və ya rəhbərindən” sözləri əlavə olunmuşdur.
Qanun layihəsinə yeni 12-ci maddə də əlavə olunub. Yeni maddə “Əmək müqaviləsinin ləğv edilməsi” adlanır. Maddə “Seksual qısnamaya məruz qalmış işçinin əmək müqaviləsinə xitam verilməsi haqqında ərizədə göstərdiyi gündən əmək müqaviləsi ləğv edilir” kimi müəyyənləşdirilmişdir. Bu maddə ilə əlaqədar onu demək istərdim ki, əgər seksual qısnamaya məruz qalmış insan ərizəsini veribsə, onun işinə xitam verilməsi ay yarım gecikdirilə bilər. Bu isə ona böyük mənəvi zərbədir. Ona görə də bu şəxs ərizəni verən gündən dərhal əmək müqaviləsi ləğv edilir. Biz bu müddəanı 12-ci maddəyə əlavə edirik.
13-cü maddə “Təhsil hüququnun həyata keçirilməsində bərabər imkanlar” adlanır. 13-cü maddənin 3-cü bəndindən “bütün” sözü çıxarılmış, “mülkiyyət növündən asılı olmayaraq” sözləri əlavə edilmişdir.
15-ci maddə “İqtisadi və sosial münasibətlərdə gender bərabərliyinin təminatları” adlanır. Bu maddəyə əsasən dövlət kişi və qadınların mülkiyyət hüququnun, sahibkarlıq fəaliyyətinin, sosial təminat hüququnun həyata keçirilməsinə təminat verir.
16-cı maddə “Siyasi partiyaların, qeyri-hökumət təşkilatlarının və həmkarlar ittifaqlarının fəaliyyətində gender bərabərliyinin təminatları” adlanır. Hər iki oxunuşda bu məsələ ilə əlaqədar müəyyən müzakirələr aparılmış və 1-ci bəndlə 2-ci bəndin birləşdirilərək maddənin yeni redaksiyada verilməsi təklif olunmuşdur. İndi 16-cı maddə iki bənddən ibarətdir. Maddənin 1-ci bəndində deyilir: “Siyasi partiyalara, qeyri-hökumət təşkilatlarına və həmkarlar ittifaqlarına daxil olmaq kişi və qadınlar üçün eyni şərtlərlə açıq olmalıdır və onlar üçün bərabər imkanlar yaradılmalıdır”.
17-ci maddə “Zərərin ödənilməsini tələb etmək hüququ” adlanır. İkinci oxunuşdan sonra buraya 2-ci bənd əlavə olunub. Yeni, 17.2-ci bənddə deyilir: “Seksual qısnamaya məruz qalmış işçilərə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada işəgötürən tərəfindən zərər ödənilir”. 18 və 19-cu maddələrin birində dəyişiklik edilib.
20-ci maddə yeni əlavə olunmuşdur. Bu maddə “Gender bərabərliyinin təmin edilməsinə nəzarəti həyata keçirən müvafiq icra hakimiyyəti orqanının illik məlumatı” adlanır. Hesab edirik ki, illik məlumat çox vacibdir. Düzdür, bu məlumatı kim verəcək? İcra hakimiyyəti orqanı dedikdə kim nəzərdə tutulur? Milli Məclisə hesabat kimlər tərəfindən veriləcək? Bu hələ dəqiq məlum deyil. Bu funksiyalar həyatımızda olmadığı üçün bunları buraya yazmamışıq. Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsinə əlavə edilmiş 20-ci maddə dəqiqləşdiriləcək. Burada artıq cənab Prezident tərəfindən icra hakimiyyəti orqanına veriləcək səlahiyyətlərdən bəhs ediləcək.
Layihəyə 21-ci, sonuncu maddə də əlavə olunmuşdur. 21-ci maddə “Qanunun qüvvəyə minməsi” adlanır və burada deyilir: “Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir”.
Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun layihəsinə respublika ictimaiyyətinin marağı və reaksiyası bu müddət ərzində öz ifadəsini tapmışdır. Kütləvi informasiya vasitələrində, telekanallarda gender probleminə və bu qanun layihəsinə rəy və münasibətlər bildirən verilişlər, müzakirələr keçirilmişdir. Bu bir daha onu göstərir ki, Azərbaycan ictimaiyyəti Milli Məclisdə müzakirə olunan hər bir qanuna öz münasibətini bildirir. Bu qanunların onun hüquq və azadlıqlarının qorunmasında nə qədər mühüm rol oynadığını dərindən dərk edir.
Zənn edirəm ki, belə bir qanunun qəbul olunması dövrün tələbidir. Hər bir millət vəkili bu qanun layihəsinin təkmilləşməsinə öz əməyini sərf etmişdir. Gözəl fikir və təkliflər olmuşdur. Qanun, zənnimcə, artıq mükəmməl bir sənəd kimi ortadadır və mən millət vəkillərindən bu qanuna üçüncü oxunuşda səs vermələrini xahiş edirəm. Beləliklə, biz Azərbaycanın milli qanunvericiliyində qadın və kişilərin hüquqlarını bərabər şəkildə qoruyan mükəmməl bir sənədin ərsəyə çatmasına nail olacağıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Rəbiyyət xanım. Dediyim kimi, bu qanun layihəsinə iki komissiyada baxılmışdır. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov, buyurun.
Ə. Hüseynov, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun, hörmətli cənab Sədr. Mənim məruzəyə heç bir əlavəm yoxdur. Biz Rəbiyyət xanımla birlikdə bu layihəni komissiyada müzakirə etmişik. Üçüncü oxunuş olduğuna görə bu qədər millət vəkillərinin çıxışa yazılması, əlbəttə, bir qədər təəccüblüdür. Hesab edirəm ki, üçüncü oxunuşda qanun layihəsi səsə qoyulmalıdır. Çox sağ olun.
Sədrlik edən. Bəlkə çıxışda təkid eləyən, sualı olan var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun, Oqtay müəllim. Mən keçən dəfə də təklif etdim. “Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında qanun yox, “Cins bərabərliyinin təminatları haqqında” olsun. Niyə biz bunu müxtəlif, heç kimə məlum olmayan, mənasını çoxlarının anlamadığı sözlərlə ifadə eləyirik? Əgər “kişi və qadınların” sözlərini mötərizədə açıqlama kimi veririksə, deməli, cins bərabərliyinin təminatları haqqındadır. Niyə biz hökmən qanunun adını elə şəkildə yazmalıyıq ki, xarici təşkilatlar başa düşsün, amma Azərbaycan vətəndaşları, bundan istifadə edən adamlar başa düşməsinlər?
R. Aslanova. (Eşidilmir.)
Sədrlik edən. Rəbiyyət xanım, tələsməyin. Mən tamamilə Sizinlə razıyam. İqbal müəllim, bu, üçüncü oxunuşdur. Mən Sizin bu təklifinizi birinci dəfədir eşidirəm. Amma bu layihə sizin komissiyadan gəlib. İqbal Ağazadə də bu komissiyada sənədə qol çəkib. Eləmi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bu bir az ciddi deyil.
Ə. Hüseynov. Cənab Sədr, kişi və qadın bərabərliyi konstitusion bir müddəadır. Necə düzələ bilər? Azərbaycan vətəndaşları da Konstitusiyanı çox gözəl bilir və çox gözəl anlayırlar. Sadəcə, Konstitusiyanın 25-ci maddəsinə bir də diqqətlə baxın. Bu qanun Konstitusiyanın 25-ci maddəsini, yəni kişi və qadınların eyni hüquqlara malik olmasını açıqlayan bir qanundur.
Sədrlik edən. Siz sualınızı verdiniz, sualınıza da cavab verdilər. Burada polemika açmayın, xahiş edirəm. Mən Sizin bu sualınızı ciddi sual saymıram, çünki layihənin üçüncü oxunuşudur. Biz hamımız savadlı adamlarıq. Üç dəfə komissiyada iştirak eləmisiniz, qol çəkmisiniz, indi təzədən bu məsələni qaldırırsınız. Xahiş edirəm, belə məsələlərdə diqqətli olun. Komissiyalarda belə məsələləri həll edin, sonra müzakirəyə çıxarın. Nizami müəllim, sualınız var?
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bu qanun layihəsini artıq iki dəfə geniş müzakirə eləmişik və orada öz təkliflərimizi vermişik. Bunları çox düzgün olaraq məruzəçi də dedi. Burada xeyli düzəlişə ehtiyac var idi. Bu gün həmin düzəlişlərin əksəriyyəti yerinə yetirilib və qanun layihəsi tamamilə hazır şəkildədir. Bu gün üçüncü oxunuşda Milli Məclisin müzakirəsinə verilən qanun layihəsi tam mükəmməldir. Sənəd cinsi mənsubiyyətə görə ayrı-seçkiliyi ictimai həyatın bütün sahələrində yolverilməz hesab edir. İşə qəbul, işdə irəli çəkilmək, peşə hazırlığını artırmaq, işin keyfiyyətini qiymətləndirərkən, işdən azad edərkən cinsindən asılı olmayaraq işçilərə eyni prizmadan yanaşılması və bərabər imkanlar yaradılması sahəsində bu sənəd dövlətin qarşısında xüsusi vəzifələr qoyur. Məncə, qanunun işləmə mexanizmi zamanı bu sahəyə nəzarət edən icra hakimiyyəti orqanının vaxtlı-vaxtında parlamentə məlumat verməsinə diqqəti gücləndirmək lazımdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Təklif var, səsə qoyaq. Xahiş edirəm, üçüncü oxunuşda layihəyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.54 dəq.)
Lehinə 93
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin ikinci məsələsi Azərbaycan Respublikasının Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqındadır. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.
Cənab Sədr, hörmətli deputatlar! Qanun layihəsi qanunvericilik təşəbbüsü qaydasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən təqdim olunubdur. Nəzərdə tutulub ki, Goranboy rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilsin, yəni Kürəkçay qəsəbəsi və Qazançı kəndi Goranlı kənd inzibati ərazi dairəsinin tərkibindən ayrılaraq müstəqil Qazançı kənd inzibati ərazi dairəsi yaradılsın. Bu yaşayış məntəqələrinin yaradılmasına əsas var. Birinci, ona görə ki, hazırda bunların bütün infrastrukturu - məktəb binası, müəssisələr, yaradılan yeni inzibati ərazi idarəsi üçün bina var. Lazımi qaydada bu məsələlərə baxılıb, təqdim olunubdur və komissiya da hesab edir ki, qanun qəbul oluna bilər. Eyni zamanda, bundan sonra Goranlı kənd inzibati ərazi dairəsi Goranlı kənd inzibati ərazi vahidi kimi fəaliyyət göstərəcəkdir. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Dörd nəfər çıxışa yazılıb. Çıxışa təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 92
Əleyhinə 3
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişiklik edilməsi haqqındadır. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, cənab Prezident televiziyada çıxış etdi və bu çıxışın leytmotivi cəmiyyətdə gedən iqtisadi inkişafın bütövlükdə xalqın rifahına xidmət etməsindən xəbər verirdi. Bu gün parlamentə göndərilən bir neçə qanun layihəsi də məhz işçilərin, xalqın rifahının, sosial müdafiəsinin güclənməsinə yönəlibdir. Təqdim olunan layihələrdə Əmək Məcəlləsinə bir neçə dəyişiklik edilir. Həmin dəyişikliklər bütövlükdə işçilərin mənafelərinin müdafiəsinə və həmkarlar təşkilatlarının rolunun bu münasibətlərdə güclənməsinə yönəlibdir. Təqdim olunan layihə deputat həmkarlarımıza paylanıbdır.
Burada bir məqam diqqəti cəlb eləyir. İşəgötürən işçini işdən çıxararkən həmkarlar ittifaqı təşkilatının yazılı qərarı 3 gün ərzində işəgötürənə təqdim edilməli və bu qərarda işçinin işdən çıxarılmasının ədalətli və ya ədalətsiz olması, işəgötürənin onu düzgün və ya qeyri-düzgün işdən çıxardığı göstərilməlidir. Bu müddəa işçilərin mənafeyinin müdafiə edilməsində xüsusi rol oynayacaq. 70-ci maddədə iki bənd konkretləşdirilib... Bu bəndlərdə hansı halların həmkarlar təşkilatı ilə razılaşdırıldığı göstərilir.
Digər düzəliş məzuniyyətlə bağlıdır. Bu da işçinin mənafeyinə xidmət edən bir addımdır. Burada bayram günləri ödənilməmək şərti ilə əlavə olaraq məzuniyyətin üzərinə gəlir. Beləliklə, məzuniyyətin müddəti uzanır. Əvvəlki hallarda isə bayram günləri məzuniyyət günlərinin üzərinə gəlmirdi. İşçinin mənafeyi qorunmurdu. Hər iki hal işçilərin müdafiəsinə yönəlmişdir. Xahiş edirəm, deputat həmkarlarım bu layihələrə səs versinlər.
Eyni zamanda, gündəlikdə duran dördüncü məsələ də həmkarlarla bağlıdır. Burada bəzi məqamlara diqqət yetirmək istərdim. Burada çoxlu düzəlişlər olubdur. Məqamlardan biri odur ki, bildiyiniz kimi, biz Avropa Sosial Xartiyasına qoşulmuşuq.
Sədrlik edən. Millət vəkilləri etiraz etmirlərsə, dördüncü məsələni də Hadi müəllim məruzə etsin, sonra bunları ayrılıqda səsə qoyarıq. Buyurun.
H. Rəcəbli. Çox sağ olun, cənab Sədr. Biz Avropa Sosial Xartiyasının bir neçə maddəsinə qoşulmuşuq. Avropa Sosial Xartiyası, əslində, bu gün bizim qanunvericilikdə üstünlük təşkil eləyir. Amma bu müddəaların “Həmkarlar ittifaqları haqqında” Qanunda öz əksini tapması məqsədəmüvafiq hesab edilib. Ona görə də bir neçə maddəyə biz “Avropa Sosial Xartiyası” sözlərini də əlavə etmişik. 1-ci maddədə “işçi”, “işəgötürən” və “müəssisə” anlayışlarının təsnifatını verərkən redaktə xarakterli bir sıra addımlar atılıbdır. Ümumiyyətlə, qanuna edilən düzəlişlərdə çoxlu redaktə xarakterli məqamlar var ki, bunlar da bütövlükdə işçinin mənafeyinə ziyan gətirməyən dəyişikliklərdir.
Böyük bir əlavə 3-cü maddəyə edilmişdir. 3-cü maddədə həmkarlar ittifaqlarının statusu müəyyənləşdirilib. Biz bilirik ki, indi Həmkarlar İttifaqları Konfederasiyası, regionlarda birliklər yaradılıb. Bunlar qanunda əks olunmamışdı. Bütün bunlar 3-cü maddədə öz əksini tapıb. Yeni əlavə kimi 3-cü maddə həmkarlar ittifaqlarının statusunun müəyyənləşməsində xüsusi rol oynayır.
5-ci maddənin birinci hissəsində biz imperativ norma qəbul etmişik. Əvvəlki halda bir az deklarativ element var idi, onu dəyişdirib imperativ norma ilə əvəz etmişik, həmkarlar ittifaqlarının fəaliyyətinə hər hansı müdaxilə qadağan edilmişdir. Əvvəlki deklarativ norma imperativ norma ilə əvəz olunubdur.
9-cu dəyişiklik 7-ci maddə ilə bağlıdır, burada bir sıra müddəalar yeniləşdirilmişdir. Əslində, bu da həmkarlar ittifaqlarının mövqeyini gücləndirən maddədir. 10-cu düzəlişə görə 2-ci maddənin beşinci hissəsində “iştirak edə bilər” sözləri “iştirak edir” sözləri ilə əvəz olunub. 14-cü maddəyə ikinci, üçüncü, dördüncü və beşinci hissələr əlavə olunub. Burada göstərilir: “Kollektiv danışıqların aparılması və kollektiv müqavilələrin bağlanması həmkarlar ittifaqı təşkilatının təklifinə əsasən həyata keçirilir.” Bu norma da həmkarların rolunun artırılmasına xidmət edir. Burada kollektiv danışıqların aparılması normalarının müəyyənləşdirilməsi də həmkarların mənafeyinin güclənməsinə xidmət edir.
20-ci maddəyə dördüncü hissə əlavə edilib: “İşəgötürənin təşəbbüsü ilə əmək müqaviləsi ləğv edilərkən həmkarlar ittifaqlarının qabaqcadan razılığının alınması Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq tənzimlənir”.
Başqa bir vacib dəyişiklik 22-ci maddədə edilmişdir. Buraya əlavə hissə salınıbdır. Əvvəllər həmkarlar ittifaqları orqanlarında seçkili vəzifələrə seçiləndən sonra işçinin mənafeyi müdafiə olunmurdu və bəzi hallarda hətta ştat ləğv olunanda, o, işsiz də qala bilirdi. Bu normalar həmkarlar ittifaqları təşkilatının seçkili orqanlarında işləyən adamların mənafeyinin müdafiəsinə yönəlibdir. Bütövlükdə bu qanun layihəsi həmkarların rolunun cəmiyyətdə artırılmasına xidmət edir. Bildiyimiz kimi, reallıq ondan ibarətdir ki, bəzən işəgötürənlər həmkarların fikrini öyrənmədən işçini işdən azad edirlər və bu da işçilərin ziyanına xidmət etmiş olur. Mən xahiş edirəm, deputat həmkarlarım bu layihələrə səs versinlər.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Əli müəllim, buyurun.
Ə. Məsimli. Hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Təqdim olunan qanun layihəsi həcmcə kiçik olsa da, hesab edirəm ki, sosial proseslərin tənzimlənməsində, eyni zamanda, əmək mübahisələrinin tənzimlənməsi istiqamətində mühüm əhəmiyyət kəsb edir. Bizə daxil olan müraciətlərdən çıxış edərək deyə bilərəm ki, bu, 10 minlərlə, 100 minlərlə işçinin bilavasitə mənafeyi ilə bağlı bir məsələdir. Hələ yaz sessiyasında irəli sürdüyümüz 6 təklifdən biri də məhz Əmək Məcəlləsinin 80-ci maddəsində dəyişikliklərin edilməsi ilə bağlı idi. Ona görə təşəkkür edirik ki, Milli Məclisin gündəliyinə belə bir təklif daxil olub və bu gün müzakirə olunur. Amma burada bir məqam var, onu xüsusi qeyd etmək istəyirik.
Biz təklif edən zaman həm hüquq müdafiə təşkilatlarının, həm də bir sıra deputatların təkliflərini araşdırmışdıq, o cümlədən deputat Vahid Əhmədovun təklifləri əsasında həmin təklifi irəli sürmüşdük. Bütövlükdə 80-ci maddəyə münasibət var idi. Əgər dəyişiklik indi təklif edilən şəkildə olsa, həmkarlar ittifaqları təşkilatının hüquqlarının artırılması istiqamətində irəliyə doğru bir addım hesab edilə bilər. İndi Hadi müəllimin də irəli sürdüyü təkliflər açıq formada göstərdi ki, “Həmkarlar ittifaqları haqqında“ Qanunda edilən dəyişikliklər də həmkarlar təşkilatının rolunun artırılmasında mühüm rol oynayır. Əgər belədirsə, onda belə bir sual ortaya çıxır: 80-ci maddəyə edilən təklif əmək mübahisələri sahəsində mövcud ziddiyyətlərin aradan qaldırılması üçün yetərli olacaqmı? 1-ci maddə yenə də simvolik xarakter daşımayacaqmı? 80-ci maddənin birinci və ikinci hissələrinə diqqət yetirdikdə görürük ki, bu təklif, əlavələr irəliyə doğru bir addımdır. İkinci hissədə bunun əksi göstərilir. Həmin hissəni sizin nəzərinizə çatdırıram: “Bu maddənin birinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla qalan hallarda əmək müqaviləsi işəgötürənin təşəbbüsü ilə ləğv edilərkən həmkarlar ittifaqları təşkilatının qabaqcadan razılığının alınması tələb olunmur”. Beləliklə, ikinci hissədə işçilərin işdən çıxarılmasına yol verilir. Ona görə də biz məhz yaz sessiyasında irəli sürülmüş təklifin üstündə dururuq və təklifi yenidən təkrar edirik. Bu gün gündəliyə çıxarılan təklif çox mühüm əhəmiyyət kəsb edir, irəliyə doğru mühüm addımdır, amma yarımçıq xarakter daşıyır. Ona görə də bu təklif qalır. Əvəzində 80-ci maddənin ikinci hissəsinin çıxarılmasını təklif edirik.
Əgər həmkarlar ittifaqları təşkilatının rolunun artırılması istiqamətində “Həmkarlar ittifaqları haqqında” Qanuna müvafiq əlavələr edilibsə, onda Əmək Məcəlləsində də bunun nəzərə alınmasını və məcəllənin 84-cü maddəsinə aşağıdakı əlavənin edilməsini təklif edirik. 84-cü maddənin birinci hissəsinin sonunda əmək müqavilələrinin ləğv edilməsi barədə əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin siyahısına həmkarlar ittifaqları təşkilatının yazılı qərarının da əlavə olunmasını təklif edirik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Həqiqətən, bu gün müzakirəyə təqdim olunan Əmək Məcəlləsinə əlavə və dəyişikliklər haqqında təklif, hesab edirəm ki, həmkarlar ittifaqlarının səlahiyyətlərinin artırılmasından daha çox işçilərin hüquqlarının müdafiəsinə ünvanlanıbdır. Bu baxımdan, hesab edirəm ki, həmin əlavə və dəyişikliyi qəbul etmək lazımdır. Həmkarlarım qeyd etdilər, heç kimə də sirr deyil ki, bir çox müəssisələrdə işçilərin əmək hüquqları ciddi şəkildə pozulur. Xüsusi ilə xarici şirkətlərdə müşahidə olunur ki, bəzi menecerlər, şirkət rəhbərləri işçiləri istədikləri vaxt işə qəbul edirlər, istədikləri vaxt da işdən xaric edirlər. Bunun qarşısının alınmasının ən münasib yollarından biri məhz bugünkü əlavənin edilməsidir. Düşünürəm ki, bu əlavə həmkarlar ittifaqlarının rolunu artıracaq və işçiləri könüllü şəkildə birləşdirən həmkarlar ittifaqları, nəhayət, bu qanunsuzluğun qarşısının alınmasında çox ciddi mexanizmə malik olacaqlar.
Bununla yanaşı, hesab edirəm ki, Əmək Məcəlləsinin özündə bir sıra dəyişikliyə də ehtiyac var. Bu da digər kateqoriyadan olan işçilərin hüquqlarının qorunması ilə bağlıdır. Söhbət ondan gedir ki, bu gün Azərbaycanda çoxlu sayda vətəndaş cəmiyyəti təmsilçiləri var və burada könüllü şəkildə fəaliyyət göstərən işçilərin hüquqları Əmək Məcəlləsi ilə nizamlanmır. Yəni bu gün bir çox hallarda könüllü əməyə, yəni qarşılığı ödənməyən, hər hansı bir işə götürülməyən, əmək haqqı almayan minlərlə könüllülər var ki, onların hüquqları Əmək Məcəlləsi ilə nizamlanmır. Bu da bir çox problemlər yaradır. Bu problemlər sırasında onu göstərmək olar ki, müvafiq icra hakimiyyəti orqanının hər hansı yoxlaması zamanı əgər könüllülərin xüsusi əmək komitəsi olmadan və qarşılığı ödənmədən çalışdıqları aşkar edilsə, bu, işəgötürənin üzərinə İnzibati Xətalar Məcəlləsinin 55.1-ci maddəsi ilə müəyyən məsuliyyət qoyur. Bu baxımdan mənə belə gəlir ki, Əmək Məcəlləsində müvafiq dəyişikliklər olunmalıdır. Mən xüsusi ilə qeyd etmək istəyirəm ki, bu gün inkişaf etmiş ölkələrdə bu daha çox vüsət alıbdır. Məsələn, Avropa ölkələrində milyardlarla dollar qarşılığı ödənməyən əmək vəsaiti sərf olunur. Həmin təcrübə Azərbaycanda öz inikasını tapıb ki, bu da qanunla nizamlanmır. Baxmayaraq ki, başqa ölkələrdə bu qanun xüsusi ilə öz qüvvəsini saxlayır. Əgər Əmək Məcəlləsinə bu və ya digər şəkildə təkliflər mümkün olmasa, onda könüllü fəaliyyət haqqında hansısa bir qanun qəbul olunmasına ehtiyac vardır.
“Həmkarlar ittifaqları haqqında” Qanuna edilən dəyişikliklərlə bağlı demək istəyirəm ki, burada bir neçə məqam xüsusi ilə öz aktuallığını saxlayır. Bu da, təbii ki, adekvat olaraq işəgötürənlərin həmkarlar ittifaqlarının yaradılmasına marağını xeyli azaldacaqdır. Bugünkü statistika o qədər də ürəkaçan deyildir. Mən iclasdan əvvəl Səttar müəllimlə bu barədə fikir mübadiləsi apardım. Bəlli oldu ki, 5 mindən yuxarı özəl hüquqi şəxsdə bu gün həmkarlar birlikləri fəaliyyət göstərirlər. Ancaq bugünkü statistikaya baxsaq, görərik ki, hüquqi şəxs statusunda olan özəl müəssisələrin sayı 70287-dir. Hələ mən demirəm ki, fərdi sahibkarların sayı 290 min nəfərdən çoxdur. Ona görə də qanuna müəyyən əlavələr edilməlidir ki, bunlarda həmkarlar birliklərinin yaradılmasına maraq olsun.
Bu qanunun 3-cü maddəsində işçilərin həmkarlar ittifaqı təşkilatının yaradılması üçün nəzərdə tutulmuş say tərkibi 7 nəfərdən 5 nəfərə endirilmişdir. Bu ona görə edilmişdir ki, həmkarlar birliyinin yaradılması məsələsi daha çevik öz həllini tapa bilsin. Digər bir təkliflə isə 3-cü maddənin axırıncı abzasından əvvələ “işçilərin həmkarlar ittifaqlarında birləşmək hüququ işəgötürənlər tərəfindən hər hansı formada məhdudlaşdırıla bilməz” sözlərinin əlavə olunması nəzərdə tutulur. Bayaqkı fikrə qayıdıram ki, bu gün həmin hüquqlar məhdudlaşdırılır. Xüsusi ilə “işəgötürənlər tərəfindən həmkarlar birliyinin yaradılması üçün şəraitin yaradılması” sözləri əlavə olunub ki, bu boşluqlar aradan qaldırılsın. Mən işçilərin əmək hüquqlarının müdafiəsinə tam şəkildə zəmanət verən bu əlavə və dəyişikliklərin qəbul olunmasına səs verəcəyəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xanhüseyn Kazımlı.
X. Kazımlı. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz qanunlar barədə fikrimi demək istəyirəm. Əmək Məcəlləsinə əlavə və dəyişikliklər, “Həmkarlar ittifaqları haqqında” Qanuna əlavə və dəyişikliklər barədə layihələrin hər ikisini diqqətlə nəzərdən keçirdikdə aydın görünür ki, hər iki qanuna edilən əlavə və dəyişikliklər, ümumiyyətlə, irəli sürülən bütün müddəalar cəmiyyətin rifahının yaxşılaşdırılmasına, insanların güzəranının yüngülləşdirilməsinə və eyni zamanda, qanunlarımızın beynəlxalq səviyyədə tələblərə uyğunlaşdırılmasına xidmət edir. Biz bir müddət bundan əvvəl insanların güzəranının yaxşılaşdırılması ilə əlaqədar qanunlarda bəzi dəyişikliklər etmişdik. Bu gün də irəli sürülən dəyişikliklər həmin müddəaların tamamlanması və işlək mexanizmə çevrilməsinə xidmət edir.
Bəllidir ki, məzuniyyət günləri təqvim günləri ilə hesablanırdı, amma bu gün burada söylənildiyi kimi, bayram günlərinin məzuniyyət günlərinə daxil edilməsi işçilərin məzuniyyət vaxtını uzadır. Elə aylar var ki, orada bayram günləri çoxdur və bu da bayram günləri çox olan aylarda işçilərin istirahətinin fərqlənməsinin qarşısını almaq istiqamətində atılan addımlardan biridir. Bu baxımdan, hesab edirəm ki, həmin əlavə və dəyişiklik olduqca məqsədəuyğundur, lazımlıdır və deputat həmkarlarımız bu dəyişikliyə səs verəcəklər.
Ümumiyyətlə, son günlərdə insanların güzəranının yaxşılaşdırılması ilə əlaqədar tədbirlər, qəbul olunan qərarlar, qanunlar, fərmanlar cəmiyyətimizin demokratikləşməsinə və insanların güzəranının yaxşılaşdırılmasına xidmət edir. Həm həmkarlar ittifaqlarının səlahiyyətlərinin artırılması, həm də Əmək Məcəlləsində irəli sürülən dəyişikliklər həmin konsepsiyanın, yəni insanların güzəranının yaxşılaşdırılması planının müəyyən müddəalarından biridir. Ona görə də mən də bu qanuna səs verəcəyəm və bütün deputat həmkarlarımı da müzakirə olunan bu qanunlara səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Cənab Sədr, hörmətli millət vəkilləri! Şübhəsiz, müzakirəyə təqdim olunan dəyişiklik əmək mübahisələrinin həll edilməsi baxımından irəliyə doğru bir addımdır və bunu təqdir etmək lazımdır. Bununla bərabər burada deputat həmkarımız Əli Məsimli bu məsələ barədə ziddiyyəti çox düzgün tutdu. Həmin ziddiyyət aradan götürülməsə, Prezidentin Milli Məclisə göndərdiyi əlavələrdə nəzərdə tutulan irəliləyişə nail olmaq çətin olacaq. Oqtay müəllim, özəl şirkətlərdə və xüsusi ilə xarici şirkətlərdə vətəndaşların əmək hüquqlarının pozulması adi hala çevrilib. Nümunə olaraq deyim, ölkəmizdə “Salyan Oyl” adlı bir Çin şirkəti işləyir. 5-6 aydır, vətəndaşlar buradan əmək haqlarını ala bilmirlər və onların Azərbaycan Həmkarlar Təşkilatından başqa, getmədikləri idarə və müəssisə qalmayıb, hətta özəl formada yaranan həmkarlar təşkilatlarına da müraciət ediblər.
Azərbaycanda əmək mübahisələrinə səbəb olan digər ciddi məsələ qeyri-rəsmi işləmək, yəni əmək müqaviləsi olmadan insanların işlədilməsi və onlara qeyri-rəsmi formada əmək haqqı verilməsidir. Bu məsələ Azərbaycanda kütləvi xarakter daşıyır. Mənə elə gəlir ki, bu məsələnin hüquqi cəhətdən həll olunması istiqamətində Əmək Məcəlləsində müəyyən sanksiyaların tətbiq edilməsi halları nəzərdə tutulmalıdır. Bakı Şəhər İcra Hakimiyyətinin şifahi razılığı, ya sərəncamı ilə tikinti obyektlərində gecə növbələri tətbiq edilir. Oqtay müəllim, bu, tək vətəndaşların əmək hüquqlarının pozulması deyil, ümumiyyətlə, Bakı şəhərinin sakinləri üçün çox ciddi narahatlıq yaradan bir problemdir. Bu tikintidə işləyən ağır yük maşınları bir sıra yaşayış məntəqələrinin ətrafında gecədən səhərə qədər hərəkət edərək insanların rahatlığını pozurlar. İkinci tərəfdən, bu obyektlərdə gecə növbəsində işləyən işçilər arasında tələfat halları çoxalıbdır. Əmək haqlarında da elə fərq qoyulmur. Bütün bunlar Əmək Məcəlləsində dəyişikliklərin edilməsini tələb edən vacib amillərdir. Mən Sosial siyasət daimi komissiyasından xahiş edirəm, həmin məsələlər də nəzərə alınsın. Heç də gözləmək lazım deyil ki, bu tipli dəyişikliklərlə bağlı hökmən cənab Prezidentdən təkliflər gəlsin. Mənə belə gəlir ki, komissiya özü də Milli Məclisdə Əmək Məcəlləsinə baxıb müvafiq dəyişikliklər edə bilər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm, cənab Sədr. Mən də hesab edirəm ki, əmək münasibətləri sahəsində mövcud problemlərin tənzimlənməsi üçün irəli sürülmüş əlavə və dəyişikliklər çox yerindədir. İlk növbədə biz onu qabartmalıyıq ki, bu problemin iki tərəfi var. Azərbaycan vətəndaşlarının xarici şirkətlərlə əmək münasibətləri və sahibkarlıq fəaliyyətində çalışan insanların əmək münasibətləri. Mən buradakı məsələlərə reaksiya verən həmkarlarımızın bu mövqeyini daha ciddi şəkildə səsləndirmək istəyirəm ki, xarici şirkətlər Azərbaycan vətəndaşını Azərbaycan hakimiyyətinə qarşı qoymaqla məşğuldurlar. Bu, birinci növbədə özünü onda göstərir ki, guya əmək haqları arasındakı çox ciddi haqsızlıqlar və fərqlər hansısa məmurların qeyri-rəsmi göstərişləri ilə bağlıdır. Bu, tamamilə cəfəngiyatdır. Nə rəsmi, nə də qeyri-rəsmi belə bir tapşırıq verilə bilməz ki, Azərbaycan vətəndaşı olduqları üçün kimlərsə on dəfələrlə az maaş alsınlar. Onların mənən də istismarı gözlərimiz qabağındadır və bunun çox ağır nəticələri ola biləcəyi bir sıra yerlərdə insanların artıq səbri tükənməkdədir.
Bunun tarixi ənənələri də var. Vaxtilə Hindistanda vətəndaşlar ayağa qalxaraq xarici şirkətləri qovdular və milliləşdirmə siyasətinə əl atdılar. Bir sıra ölkələrdə belə olub. Ona görə, hesab edirəm ki, həmin münasibətlər sferasında problemlərin yoluna qoyulması həm neft müqavilələrində, həm də digər qanunvericilik aktlarında istər həmkarlar birliklərinin yaradılmasına mane olan qurumlara və şəxslərə, istərsə də şirkətlərə qarşı sərt sanksiyaların tətbiq olunması, o cümlədən əmək haqları arasındakı bir unifikasiya və yaxınlaşdırma aparmaq üçün biz ciddi addımlar atmalıyıq.
Vətəndaşlarımızın hakimiyyətə qarşı qoyulmasını mən nədə görürəm? Xarici şirkətlərdə işləyən vətəndaşların çoxu fərdi qaydada öz hüquqlarının müdafiəsinə qalxır və Azərbaycan məhkəmələrinə müraciət edirlər. Orada da guya hansısa qeyri-rəsmi qaydalar müəyyənləşdirilib ki, onların xeyrinə qərar çıxarılmasın. Mən anlamıram, məhz xarici şirkətlərin xeyrinə məhkəmə aktı çıxarılacağı kim tərəfindən deyilib? Hansı qanunvericilik aktında biz belə bir məcburi müddəa müəyyənləşdirmişik ki, bizim məhkəmələr buna söykənib hərəkət eləyirlər? Ona görə də mən hesab edirəm ki, bir çox insanlarımızın həyatında olan bu problemlərin aradan qaldırılmasında parlament ciddi rol oynamalıdır.
Bir daha hörmətli Səttar müəllim Möhbalıyevin adı çəkildi. Sanki bu, təşkil olunmuşdu. Bir sıra yerlərdə son aksiyalardan sonra həmkarlar ittifaqlarının yaradılması yolunda bir az formal, bir az ciddi addımlar atıldı. Amma bizə bəllidir ki, bir sıra hallarda həmin qurumların rəhbərliyi ilə həmkarlara rəhbərlik edən şəxslər arasında korporativ münasibətlər formalaşır. Bunun zəminində də onlar həmkarlar adı altında rəhbərliyin mənafelərinin daha çox müdafiəsi üçün çıxış edirlər. Ona görə də mən hesab edirəm ki, bu, hörmətli Səttar müəllimin yox, hamımızın işidir. Həmin şirkətlərə qarşı mübarizə hər bir millət vəkilinin qarşısında dayanan vəzifədir.
Cənab Sədr, mən buradakı təklifləri, qeyd elədiyim kimi, müdafiə edirəm. Sadəcə, bir-iki əlavəm var. Bayaq dediyim kimi, bunlar daxili münasibətlər sferasına aiddir. 2006-cı ildə Əmək Məcəlləsində qəbul elədiyimiz dəyişikliklərdən biri ondan ibarətdir ki, işçiyə əmək məzuniyyətinin verilməməsi qadağandır, yəni hər hansı bir vətəndaşın buna birbaşa konstitusion haqqı var. İkinci tərəfdən isə işçinin istifadə etmədiyi məzuniyyət günlərinin kompensasiyasını almaq haqqı var. Biz bunu Əmək Məcəlləsinin 35-ci maddəsində təsbit eləmişik. Lakin 145-ci maddədə bunu qadağan eləyən başqa müddəa müəyyənləşdirilmişdir. Yəni məcəllədə bir-birini inkar edən iki müddəa var. Əli Bayramlı şəhərindən bir qrup vətəndaş adından Habil Əkbərov adında şəxs kollegiyanın və parlamentin bu problemləri aradan qaldırmasını xahiş edir. Mən çox istərdim ki, hörmətli Hadi müəllim bu məsələyə aydınlıq gətirsin. Sağ olun.
Sədrlik edən. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Zənn edirəm ki, təklif olunan dəyişikliklər həm də həmkarlar ittifaqlarının imkanını artırır. İşçilərin hüquqlarının müdafiəsinə yönəlmiş təkliflərdir və həmkarlarımı bu təklifləri dəstəkləməyə çağırıram. Bir məsələ isə Azərbaycanda uzun müddətdir, müzakirəyə çıxarılmayıbdır. Azərbaycanın əmək bazarının müdafiəsindən söhbət gedir. Biz çox vaxt şahidi oluruq ki, Azərbaycana bir sıra inkişaf etmiş dövlətlərdən işçilər gətirilir. Onların əksəriyyəti beynəlxalq, yaxud da xarici şirkətlərdə işləyirlər. Bu həmin məqamda baş verir ki, Azərbaycanın özündə işsizlik var. Azərbaycan vətəndaşları iş axtarmaq üçün Rusiyaya, Türkiyəyə, dünyanın bir çox ölkələrinə gedən vaxtda bu gün yüksək təhsil tələb etməyən, məsələn, orta səviyyəli və ya fəhlə səviyyəsində işləyən insanlar Malayziyadan, Sinqapurdan, Çindən Azərbaycana gətirilir. Nə üçün bizim həmkarlar ittifaqlarımız...
Ümumiyyətlə, bizim əmək qanunvericiliyində əmək bazarımızı müdafiəyə yönəlmiş xüsusi bəndlər yoxdur. Rusiyada iş axtaran Azərbaycan vətəndaşları bütün hüquqlardan məhrum edilmiş ikinci sort insanlara çevriliblər. Hətta buna oxşar vəziyyət bizim qardaş Türkiyədə də mövcuddur. Naxçıvandan iş üçün Türkiyəyə gedən vətəndaşlarımız çox gözəl bilirlər ki, bu insanlar orada hansı əziyyətlərlə üzləşirlər. Bəs biz nə üçün Azərbaycanın əmək bazarını müdafiə edə bilmirik? Biz Azərbaycanda hansısa bir işçini xaricdən Azərbaycana gətirən müəssisənin qarşısında müvafiq sədlər qoya bilmirik. Bu istiqamətdə ciddi işlər aparılmalıdır. Biz Azərbaycanın əmək bazarını çox ciddi müdafiə etməliyik, çünki ölkədə iqtisadi islahat gedir. Azərbaycanda artıq maaşlar artır və Azərbaycan inkişaf eləyən bir sıra ölkələrin vətəndaşları üçün cazibədar bir ölkəyə çevrilir. Azərbaycanın əmək bazarını bu miqrantlardan müəyyən qədər müdafiə etmək üçün ciddi addımlar atılmalı və tədbirlər görülməlidir. Qanunvericilikdə, ilk növbədə əmək qanunvericiliyində müvafiq sistem qurmalıyıq. Ümumiyyətlə, ölkədə əmək bazarını öyrənib işsizliklə bağlı monitorinqin keçirilməsinə çox ciddi bir ehtiyac var.
Bir sıra Azərbaycan vətəndaşları indiyə qədər peşə seçmək və bu peşəni əldə etmək üçün çox ciddi məhrumiyyətlərlə üzləşirlər. Ölkədə texniki peşə təhsili sistemi, demək olar ki, məhv olmaqdadır. Sovetlər vaxtında ölkədə ciddi texniki peşə sistemi var idi. Bu gün yüzlərlə müvafiq texnikum yox olub. Bakı şəhərində bu gün fəaliyyət göstərən cəmi 33 texnikum qalıb. Baxmayaraq ki, 1990-cı illərin əvvəlində bu texnikumların sayı 80-ə yaxın idi. Bu texniki peşə məktəblərinə nə oldu? Bu gün bizim gənclərə peşə öyrədən məktəb haradadır? Azərbaycanda böyük tikinti prosesi gedir, bir sıra böyük layihələr həyata keçirilir. Bu işə mütəxəssisləri biz xaricdən dəvət eləməyə məcbur oluruq, çünki Azərbaycanda yüksək səviyyəli mütəxəssisləri hazırlayan təhsil müəssisələri yoxdur. Biz öz bazarımızı artıq xaricə açıb öz vətəndaşlarımızı xarici ölkələrə qul bazarına göndəririk. Düşünürəm ki, bu istiqamətdə çox ciddi işlər görülməli və parlamentin müvafiq komissiyası da konseptual layihələrlə çıxış edərək müvafiq dəyişiklikləri edib Azərbaycanın əmək bazarını qorumalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də digər həmkarlarımın fikirlərinə qoşuluram, çünki bu bizim gündəlik rastlaşdığımız hadisələrdir. Xarici şirkətlərdə işçilərin əmək və digər hüquqlarının hansı səviyyədə pozulması bizə yaxşı məlumdur. Söhbət təkcə ondan getmir ki, Azərbaycanda işi bilən işsizlər ola-ola xaricdən işçilər gətirilir. Təbii ki, burada maraqlar var. Həmin pulların bir hissəsi Azərbaycandan bu yolla çıxarılır. Amma məsələnin digər tərəfi də var. Eyni statusu olan işçilərin əmək haqları, hətta onların yeməkləri arasında fərqlərin qoyulması narahatlıq doğurur. Səttar müəllim çox yaxşı bilir ki, bu kimi problemlər ölkədə hansı səviyyədədir. Mən hesab edirəm, bu dəyişikliklər müəyyən mənada həmin problemləri aradan götürə biləcək. Amma burada bəzi məsələlərə diqqət yetirmək lazımdır.
Azər müəllim bizim hüquqi şəxslərdə, yəni şirkətlərimizdə həmkarlar ittifaqlarının ümumi sayı ilə bağlı çox maraqlı rəqəmləri səsləndirdi. Amma gəlin real düşünək. Bu dəyişikliklərdən sonra işəgötürənlərin həmkarlar ittifaqlarının yaradılmasına marağı bir az da azalacaq, çünki artıq başa düşürlər ki, onların qarşısında ciddi bir sədd dayana bilər. Ona görə də, mən hesab edirəm ki, bunu daha da sərtləşdirmək lazımdır. Necə? İşəgötürənin işçilərin həmkarlar birliyinin yaradılmasına heç bir maneçilik törətməməsi və məhdudiyyətlər qoya bilməməsi və bunlara əl atarsa, sərt məsuliyyətlə üz-üzə qalması üçün qanunda müvafiq müddəalar öz əksini tapmalıdır.
İkinci bir məsələ haqqında Azay müəllim çox gözəl dedi, həmkarlar birliyinin yaradılması üçün say faizinin azaldıldığını qeyd etdi. Bu iki məsələ nəyə görə lazımdır? Millət vəkillərinin bəziləri məsələ qaldırdılar ki, bəzən işəgötürənlər məcburən həmkarlar ittifaqları yaradırlar. Amma özlərinə sərfəli adamları gətirir, həmin adamlarla əlbir olur, işçilərin əmək hüquqlarının pozulmasını bu yolla həyata keçirirlər. İşçilərin özlərinin sərbəst şəkildə həmkarlar ittifaqları yarada bilmələri çox vacib məsələdir.
Daha bir məsələ, ümumiyyətlə, Əmək Məcəlləsində başqa dəyişikliklərin zərurəti ilə bağlıdır. Əmək müqaviləsi olmadan işçilərin işlədilməsi məsələsi vacib məsələdir. Əmək Məcəlləsində bunun qarşısının alınması üçün sərt tədbirlər görülməlidir. Bəzən deyirlər, işçi niyə əmək müqaviləsi olmadan işləyir? Gəlin, bir az reallığı düşünək. Bir insan gedir iş yeri tapmağa, deyirlər ki, biz səni belə işlədə bilərik, amma əmək müqaviləsi olmadan işləmək istəmirsənsə, başqa yerdə iş axtar. O, ailəsini saxlamalıdır, məcbur olub əmək müqaviləsi olmadan işləyir. Bu adam 300 dollar əmək haqqı alacaqsa, qabaqcadan ondan bir min dollar da alır. Altı aydan sonra həmin adamı işdən çıxarır, - çünki onun heç bir sənədi yoxdur, - başqasını işə götürür. Bu gün işçilərin işə götürülməsində gözəl rüşvət bazarı yaranıb. Bunun qarşısını almaq üçün əmək müqaviləsi olmadan işçilərin işə götürülməsinin mümkünsüzlüyü bir xeyli kömək edə bilər. Digər tərəfdən, bu, vergilərdən yayınmanın qarşısını ala bilər. Tikintilərdə, müxtəlif sahələrdə əmək müqaviləsi olmadan işçilərin işlədilməsi halları həddindən çoxdur. Görün, üst-üstə bu nə qədər vergidən yayınmaq deməkdir. Biz bunun da qarşısını müəyyən mənada ala bilərik.
Oqtay müəllim, mən Sizə təşəkkür edirəm ki, Siz millət vəkillərinin qaldırdıqları çox vacib məsələni dəstəklədiniz. Həmin məsələ Fransa parlamentində ayın 12-də olacaq müzakirələrlə bağlıdır. Bu nə verəcək? Biz bir məsələyə toxunuruq ki, bu, siyasi məsələdir. Xeyr. Orada əziyyət çəkən bizim azərbaycanlılar olacaqlar. Bu gün türkləri də ən çox narahat edən bir məsələdir. Sabah Fransada yaşayan hər hansı azərbaycanlı desə ki, xeyr, belə bir soyqırımı olmayıb, o, həbs edilə bilər. Bu o deməkdir, həmin insanların yaşadıqları ölkədə heç bir karyerası ola bilməz. Bu ölkədə bir karyera əldə eləmək üçün mütləq deməlidirlər ki, soyqırımı olub. Fransa birinci deyil. Artıq Avropanın bəzi ölkələri bunu edib. Hər kəs bilir. Hollandiyada türk millət vəkili deputat seçilmək üçün etiraf edib ki, bəli, belə bir soyqırımı olub. Bu, mətbuat səhifələrində gedib. Avropanın bəzi ölkələrindəki seçkilərdə nə qədər insan namizədliyini geri götürüb. Bu məsələ tək Fransa parlamentində müzakirəyə çıxarılmır. Artıq Avropanın bəzi ölkələrində yaxın vaxtlarda bu məsələ müzakirəyə çıxarılacaq. Yəni kim bunu inkar edirsə, onu həbs gözləyir. Ona görə biz Fransa ilə yanaşı, həmin ölkələrin də parlamentlərinə qabaqcadan müraciət edək, bu çox ciddi tendensiyadır. Yəni sonradan, artıq proseslər başlayandan, ciddi vəziyyət alandan sonra yox. Biz vətəndaşlarımızın həmin ölkələrdəki fəaliyyətlərini nəzərə almalıyıq. Bu ölkələrin bir çoxunda diasporumuz var. Təbii, onlar sabah çox ciddi problemlərlə üzləşəcəklər. Biz həm də onların bu mənada maraqlarını müdafiə etməliyik. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Həqiqətən də, bu gün müzakirəmizə təqdim olunan qanun layihəsi həmkarlar ittifaqlarının cəmiyyətdə yerini və rolunu daha da artıracaqdır. Hesab edirəm ki, məndən əvvəl çıxış edən həmkarlarımın fikirlərinə qoşularaq biz bu qanun layihəsinə səs verməliyik. Həmkarlar ittifaqlarının dünyada rolu getdikcə artmaqdadır. Ayrı-ayrı ölkələrin tarixinə nəzər salsaq, həmkarlar ittifaqlarının cəmiyyətdə rolunu yüksəltmək üçün insanların nə qədər böyük mübarizə yolu keçdiyini görə bilərik. Azərbaycan gənc ölkədir və həmkarlar ittifaqlarının fəaliyyəti müstəqil ölkəmizdə, hesab edirəm ki, normal məcrada inkişaf eləyir. İndi verilən səlahiyyətlər də həmkarlar ittifaqlarının fəaliyyətini daha da genişləndirəcəkdir. Məndən əvvəl burada qeyd edildi. Mən də həmin fikirləri dəstəkləyirəm. Həqiqətən də, bir sıra xarici şirkətlərdə həmkarlar ittifaqlarının yaradılmasına maneçilik olurdu. Amma son vaxtlarda, göründüyü kimi, xarici neft şirkətlərində həmkarlar ittifaqlarının yaradılması istiqamətində işlər getməkdədir. Biz bir ölkə olaraq getdikcə varlanırıq, dövlətimizin iqtisadi gücü artır.
Asim Mollazadə çox uğurlu bir ifadə işlətdi, dedi, cazibədar ölkəyə çevrilirik. Həqiqətən də belədir. Ona görə də ətraf ölkələrdən buraya işçilərin kütləvi surətdə axını baş verəcəkdir. Bu proses daha sürətlə gedəcəkdir. Ona görə də biz daxildə işçi qüvvələrimizin, azərbaycanlı vətəndaşlarımızın hüquqlarını qorumaq üçün müəyyən işlər aparmalıyıq. Hansısa bir təşkilatda, özəl və ya xarici qurumda həmkarlar ittifaqlarının yaradılmasına bir maneçiliyin dərhal qarşısı alınmalıdır. Belə həmkarlar ittifaqlarının yaradılmasına mane olan adamlara qarşı mütləq bu və ya digər sanksiyalar tətbiq edilməlidir ki, həmkarlar ittifaqlarının fəaliyyəti hansısa bir formada məhdudlaşdırılmasın. Həmkarlar ittifaqlarının fəaliyyətinin genişlənməsi yalnız insanların əmək hüququnun qorunması ilə deyil, eyni zamanda, onların sosial-məişət problemlərinin həlli ilə bağlıdır. Bu qanun layihəsinə biz səs verməli və bununla həmkarlar ittifaqlarının fəaliyyətinə daha geniş imkanlar açmalıyıq.
Yeri gəlmişkən, Fransa ilə bağlı məsələyə toxunmaq istəyirəm. Fransa Senatında belə bir qanun qəbul edilməsi yalnız Türkiyə üçün yox, eyni zamanda, Azərbaycan üçün çox ciddi problem yaradacaqdır. Bununla bağlı Azərbaycan parlamenti də öz mövqeyini kəskin şəkildə bildirməlidir. Türkiyə adekvat olaraq fransızların Əlcəzairdə törətdikləri soyqırımı ilə bağlı Türkiyə parlamentində dinləmələr başlamaq niyyətindədir. Əslində, Fransada və Avropada belə qanunların qəbul edilməsi demokratiyaya zidd və çox gülünc bir məsələdir. Bu cür addımlar bizə demokratiya dərsi vermək istəyən Avropa üçün bumeranq rolunu oynayacaqdır. Biz də burada öz sözümüzü mütləq deməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə əlaqədar Əli Məsimli qeyd elədi. Bizim yaz sessiyasında verdiyimiz təkliflərdən 80-ci maddə ilə əlaqədar təklifimiz, təəssüf ki, bu gün bizə təqdim olunan layihədə tam əks etdirilməmişdir. Yəqin, bunun səbəbi barədə Hadi müəllim izahat verər. Mən belə hesab edirəm ki, gələcəkdə bu maddəyə bir daha baxılmalıdır.
“Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklərə gəlincə, qeyd edildiyi kimi, Azərbaycan dövləti, hökuməti Avropa Sosial Xartiyasına qoşulduğu üçün qanuna təzədən baxılmasına ehtiyac var. Qanun layihəsində, qeyd edildiyi kimi, sahə, ərazi və respublika yönlü həmkarlar ittifaqlarının yaradılması məhz bu xartiyadan irəli gələn əsas məsələlərdən biridir. Ümumiyyətlə, burada həmkarlarım da qeyd etdilər, bu qanun layihəsinin Azərbaycanın indiki reallığı üçün çox böyük əhəmiyyəti var. Son illər Azərbaycanda xarici şirkətlərdə Azərbaycan vətəndaşlarına qarşı ayrı-seçkilik, disbalans yaradılması və sair artıq adi hallara çevrilib. Ona görə də Azərbaycan dövlətində həmkarlar ittifaqlarının statusunun artırılmasına çox böyük ehtiyac var. Burada bir neçə sual var, mən istərdim, Hadi müəllim cavab versin.
3.1.5-ci maddədə respublika statusu daşıyan həmkarlar ittifaqlarının yarıdan çoxunun birləşib ümumrespublika həmkarlar ittifaqı statusu daşıması qeyd olunur. Niyə yarıdan çox?
6-cı maddədən birinci hissə, yəni həmkarlar ittifaqının siyasi fəaliyyətlə məşğul olması tamamilə çıxarılıb. Yardım, ianə və sair məsələlər tamamilə qanundan çıxarılıb. Bu nə ilə əlaqədardır? Bu vaxta qədər həmkarlar ittifaqları siyasi fəaliyyətlə məşğul olublarmı, ianə, yardım göstəriblərmi? Belə faktlar var, ya yoxdur, bu nə ilə əlaqədardır?
Üçüncü, burada ən ciddi məsələlərdən birini qeyd eləmək istəyirəm, həmkarlarım da bunu qeyd etdilər. Ümumiyyətlə, həmkarlar ittifaqları, Azərbaycan hökuməti və işəgötürənlər arasında bağlanan sazişə olan münasibətdən danışmaq istəyirəm. Hər il Azərbaycan hökuməti, həmkarlar təşkilatı və işəgötürənlər arasında saziş imzalanır və sazişdə hər bir tərəf öhdəsinə götürdüyü bütün çatışmayan cəhətləri müzakirə etmək məcburiyyətində qalır. Həmin saziş, - ona “baş saziş” deyilir, - heç olmasa, ildə bir-iki dəfə həmkarlar təşkilatı, hökumət və işəgötürənlər arasında müzakirə olunmalıdır ki, nöqsanlar aradan qaldırıla bilsin. Bu sazişin yerinə yetirilməsi bir sıra ziddiyyətli məsələlərin aradan qaldırılmasına səbəb ola bilər. Ümumiyyətlə, mən bu qanun layihəsinin qəbul edilməsinə tərəfdaram.
Vaxtım olduğu üçün, Oqtay müəllim, bir məsələyə də toxunmaq istəyirəm. Son zamanlar bunu seçicilər də demişdilər, yaz sessiyasında da mən sovet vaxtından qalmış əmanətlərin qaytarılması ilə əlaqədar məsələyə toxunmuşam. Bu günə qədər hara müraciət ediriksə, bu qanun layihəsini ala bilmirik. Bu nə ilə əlaqədardır, niyə bu qanun layihəsinin Milli Məclisə verilməsi gecikdirilir? Azərbaycan hökumətinin 2006-cı il büdcəsində 50 milyon manat da vəsait nəzərdə tutulub. İndi də bizə deyirlər ki, gözləyirik, ilin axırına qədər bu qanun layihəsi bizə təqdim olunacaq və 2007-ci ildən bu vəsaitlərin qaytarılmasına başlanacaq. Sədarətdən artıq dərəcədə xahiş edirəm ki, bu qanun layihəsinin Milli Məclisə təqdim edilməsi tezləşdirilsin. Əhali həddən artıq narahatdır, yaşlı əhali bizə müraciət edir, məktublar yazır. Azərbaycan Prezidenti İlham Əliyevin bununla əlaqədar xüsusi sərəncamı olub. Amma nəyə görə həmin qanun layihəsi bu qədər yubadılır? Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsinin müzakirəsindən əvvəl mən bir neçə kəlmə demək istəyirəm. Qanunların düzgün, konkret, ədalətli olması, eləcə də qanunların aliliyinə riayət olunması ölkədə, dövlətimizdə, vətənimizdə sadə insanlar, vətəndaşlar üçün daha çox vacibdir. Bütün dövrlərdə, hətta orta əsrlərdə belə dahi, istedadlı, mübariz insanlar yaşayıb, yaradıb, quruculuq işləri ilə məşğul olublar. Amma qanunların aliliyinə riayət olunduqda, ədalətli qanunlar qəbul edildikdə sadə vətəndaşların yaşayıb işləmək, eləcə də azad rəqabət şəraitində çox böyük nailiyyətlər əldə etmək şansları olur.
Mən bu qanun layihəsinin çox gözəl tərtib edilməsi haqqında fikrimi bildirmək istərdim. Amma 80-ci maddəyə qısa düzəliş təklif edərdim. Bu qanunda işəgötürənlərə müəyyən manevr imkanları verilməməsi üçün 80-ci maddənin axırıncı sətrində “özünün yazılı qərarı” sözlərinin əvəzinə “etiraz və razılığını ilk gün müddətində işəgötürən tərəfinə təqdim etməlidir” yazılsın.
İkinci bir məsələyə münasibətimi bildirmək istərdim. Bu gün Fransa parlamentində müzakirə olunacaq məsələlərə münasibətimizi nə qədər tez bildirsək, o qədər yaxşıdır, çünki türk xalqının milli mənafeyinin müdafiəsi Azərbaycan türklərinin də milli maraqlarına çox yaxındır. Bu məsələnin müzakirəsi Qarabağ məsələsinin həllində bizim üçün vasitə ola bilər, çünki Fransa həmişə bu məsələdə bitərəf qaldığı, Rusiya isə həmin məsələnin müzakirəsinin əleyhinə olduğu halda Birləşmiş Millətlər Təşkilatında bizim mövqeyimizi müdafiə eləyən dövlətlər də vardır. Biz bu məsələyə parlament çərçivəsində münasibətimizi bildirməliyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev. Bu məsələdə Səttar müəllimə qulaq asmalıyıq.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İlk öncə çıxış eləyən həmkarlarıma minnətdarlığımı bildirməliyəm ki, hamısı qanun layihəsinə bizim təklif etdiyimiz dəyişiklikləri müsbət qarşılayırlar. Buna görə onlara “çox sağ olun” deyirəm, çıxış eləyən yoldaşlara minnətdarlığımı bildirirəm. Cənab Sədr, qanunda bu maddənin dəyişilməsi üzərində uzun müddətdir işləyirik. Biz digər dövlətlərdə, MDB ölkələrində fəaliyyət göstərən əmək məcəllələrinə baxmışıq. Nəhayət, biz Prezident Aparatında, Konstitusion hüquq şöbəsində bu məsələnin üzərində ciddi iş aparmışıq. Nəzərinizə çatdırım ki, bu məsələnin üzərində 4 aya yaxın ciddi iş aparılıb və nəhayət, həmin dəyişikliklərə ölkə Prezidenti razılıq verib və qanun layihəsi parlamentin müzakirəsinə göndərilib.
Əli Məsimli çıxışında 80-ci maddə ilə bağlı qeyd elədi. Əli müəllim, biz çalışırıq ki, bu qanun qəbul olunsun, praktikada baxacağıq, əgər 80-ci maddə maneçilik törədəcəksə, yenidən Əmək Məcəlləsi üzərində işləyib müzakirəyə çıxaracağıq.
İkinci tərəfdən “Həmkarlar İttifaqları haqqında” Qanunda dəyişikliklər nəzərdə tutulub. Bilirsiniz ki, “Həmkarlar ittifaqları haqqında” Qanun 1984-cü ildə qəbul olunub. O vaxtdan böyük bir dövr keçib. Özünüz görürsünüz ki, Azərbaycan gündən-günə inkişaf edir, cəmiyyətdə, insanların şüurunda olan dəyişikliklər tələb edir ki, “Həmkarlar ittifaqları haqqında” Qanunda da bunlar əksini tapsın. Bayaq da qeyd elədilər, biz Avropa Sosial Xartiyasına qoşulmuşuq. Bu xartiyaya görə də həmkarların böyük hüquqları var. Bu da qanunda öz əksini tapmalıdır.
Digər bir tərəfdən həmkarların siyasi fəaliyyəti haqqında məsələ qaldırdılar. Bilirsiniz məsələ haradan gəlir? Uzun müddətdir, Azərbaycan Beynəlxalq Əmək Təşkilatının üzvüdür. Burada həm işəgötürənlər, həm dövlət, həm də həmkarlar təşkilatı təmsil olunur. İldə Azərbaycan hökuməti bu təşkilata hesabat verir. Oradan bizə yazırlar ki, biz həmkarlar təşkilatında çalışan işçilərin hüquqlarını məhdudlaşdırırıq.Yəni orada çalışan işçilərin siyasi fəaliyyətini məhdudlaşdırırıq. Beynəlxalq Əmək Təşkilatının tövsiyələrini uzun müddətdir, götür-qoy eləyirdik. Qərar qəbul etmişik və bu layihə müzakirəyə çıxarılıb, həmin maddənin buradan götürülməsi haqqında biz yenə də danışıqlar aparmışıq.
Həmkarlar təşkilatı sədrlərinin hüquqlarının qorunması da burada öz əksini tapıb. Bu nədən irəli gəlir? Bir çox təsərrüfatlarda, idarələrdə işəgötürənlərlə həmkarlar təşkilatı arasında narazılıq əmələ gələn kimi işəgötürən başlayır ki, sənin hüquqlarını məhdudlaşdıracağam, sənə burada olan hüquqları verməyəcəyəm. Biz bunu götür-qoy eləyəndən sonra çalışdıq ki, “Həmkarlar ittifaqları haqqında” Qanunda bu barədə ayrıca müddəa öz əksini tapsın.
Həmkarlar təşkilatının statusu çox vacib məsələdir. Bilirsiniz, “Həmkarlar ittifaqları haqqında” Qanunda yazılıb ki, 7 nəfər yığılıb həmkarlar təşkilatı yarada bilər. Əfsuslar olsun ki, bundan istifadə edən insanlar var. 10 nəfər və ya hər hansı bir təşkilat həmkarlar təşkilatı yaradıb qeydiyyatdan keçir, respublikanın adından bəyanatlar verir, özünü böyük bir təşkilat kimi aparır. Ona görə də biz istədik ki, respublika təşkilatı ilə ərazi həmkarlar təşkilatı arasında fərq bu qanun layihəsində öz əksini tapsın. Ona görə biz xahiş edəcəyik ki, bu dəyişikliklər qəbul olunsun.
Burada miqrasiya haqqında, əmək bazarının qorunması haqqında məsələ qaldırıldı. Nəzərinizə çatdırım ki, bu yaxınlarda Türkiyə Respublikasının əmək naziri ilə bizim görüşümüz olub. Həmişə çalışırıq ki, orada çalışan işçilərin əmək və sosial hüquqları qorunsun, orada çalışan işçilərə Türkiyə vətəndaşı kimi yanaşılsın, onların problemlərinə düzgün münasibət bəslənilsin. Onu da nəzərinizə çatdırım ki, Azərbaycanda da xeyli miqdarda Çindən, Koreyadan, digər dövlətlərdən gəlib çalışan fəhlələr var. Biz çalışırıq ki, onların da hüquqlarını qoruyaq.
Bilirsiniz ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Miqrasiya idarəsi fəaliyyət göstərir. Bu yaxınlarda Daxili İşlər Nazirliyinin nəzdində Miqrasiya idarəsi yaradılıb. Yəni Azərbaycana gələn emiqrantların sənədləri yoxlanılır. Əgər onlar burada qeyri-qanuni işləyir, fəaliyyət göstərirlərsə, Azərbaycandan deportasiya edilə bilərlər. Digər tərəfdən, Azərbaycana gələn işçilər tikinti, neft sazişləri ilə bağlıdır. Bilirsiniz ki, neft sazişləri Milli Məclisdə müzakirə olunub. Fəhlələrin müəyyən faizinin xaricdən gəlməsi nəzərdə tutulub və biz buna səs vermişik. Gələcəkdə belə hallar baş verəcəksə, belə sazişlər müzakirə ediləcəksə, onda millət vəkilləri öz fikirlərini bildirməlidirlər ki, Azərbaycanda eyni ixtisaslı yerli mütəxəssislərin sayı çoxdur, bu mütəxəssislər həmin işləri görə bilərlər. Hər bir deputat öz fikrini bildirə bilər. Mən sizin vaxtınızı çox almaq istəmirəm. Bir daha hörmətli sədarət, burada əyləşən deputatlara minnətdarlığımı bildirirəm ki, “Həmkarlar ittifaqları haqqında” Qanuna diqqətlə yanaşır və öz fikirlərini bildirirlər. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Səttar müəllim. Mənə elə gəlir ki, Səttar müəllim öz çıxışında bəzi suallara cavab verdi. Əli müəllim, çıxış eləmək istəyirsiniz? Buyurun, Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun, hörmətli Sədr. Səttar Möhbalıyevdən sonra bu mövzu haqqında danışmağa bəlkə də ehtiyac yoxdur. Amma vaxtınızı çox almayıb, qısaca iki təklifimi səsləndirmək istəyirəm. Mən bunu çox yüksək qiymətləndirirəm ki, həmkarlar ittifaqlarının siyasi fəaliyyətlə məşğul olmasına qadağa qoyan maddə “Həmkarlar ittifaqları haqqında” Qanundan çıxarılıb. Amma mən hesab edirəm ki, burada yolu yarımçıq getmişik. İnsanların hüquqlarının məhdudlaşdırılması kimi başa düşürəm. Çox yaxşı olardı, biz 6-cı bəndi bütövlükdə qanundan çıxaraq ki, bu barədə sual yaranmasın.
İkincisi, əmək bazarının qorunması və bu sahədə bizim hamımızı narahat edən problemlərlə bağlı iki təklif səsləndirmək istəyirəm. Bunun biri ondan ibarətdir ki, Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlərdə çalışan yerli və xarici işçilərin əmək haqlarında böyük fərqlər qoyulduğuna görə bizim qanunvericiliyimizdə belə bir müddəanın göstərilməsi yaxşı olardı ki, xarici şirkətlərdə çalışan yerli işçilərə verilən əmək haqqı eyni vəzifələri yerinə yetirən əcnəbilərin əmək haqlarından az olmamalıdır.
Üçüncüsü, Azərbaycanın özü əmək qüvvəsini ixrac edirsə, Azərbaycanda da əmək qüvvəsinə idxal olacaq. Bunun qarşısını almaq olmaz. Belə olan halda Azərbaycanda əmək bazarının qorunmasını təmin etməkdən ötrü, mən təklif edirəm ki, Azərbaycan şirkətlərində çalışan xarici işçilərə yerli işçilərdən az əmək haqqı verilməsini qadağan eləyən bir müddəa əlavə eləyək. Ola bilsin ki, bu bir az başqa cür başa düşülür. Amma bunun mənası ondan ibarətdir ki, bütün yerli işçilər yerli şirkətlərdə işlə təmin ediləndən sonra iş qüvvəsinə ehtiyac qalarsa, xaricdən gələn iş qüvvəsi tətbiq edilsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Əgər etiraz yoxdursa, Hadi Rəcəbli bəzi suallara cavab versin, sonra səsə qoyaq.
H. Rəcəbli. Oqtay müəllim, minnətdaram. Birincisi, təqdim olunan layihənin bütün deputatlar tərəfindən birmənalı olaraq dəstəkləndiyinə görə hamıya razılığımızı bildiririk. Həqiqətən, təqdim olunan layihə ətrafında kəskin, ciddi iradlar yox idi. Bütövlükdə problemlə bağlı iradlar var idi. Bu problemlərin həlli ilə bağlı iki məsələni demək istəyirəm.
Birincisi ondan ibarətdir ki, hazırda bizim komissiyamızda Əmək Məcəlləsinin monitorinqinin keçirilməsi üçün işçi qrupu yaradılır. Qarşıdakı həftələrin birində biz işçi qrupunun yığıncağını keçirmək istəyirik. Mən bu gün deputat həmkarlarıma elan eləmək istəyirəm ki, kimin Əmək Məcəlləsi ilə bağlı iradları, fikirləri varsa, bizə bildirsin. Biz həmin məsələlərin hamısını ümumiləşdirib parlamentə təqdim edəcəyik.
Burada xarici işəgötürənlərlə bağlı ciddi iradlar tutuldu. Haqlı iradlardır. Məhz bu iradlara görə “Əsas anlayışlar”da yazılıb ki, “müəssisə” məfhumuna o cümlədən xarici hüquqi şəxslərin nümayəndəlik və filialları da daxildir.
Burada bəzi məsələləri qeyd etmək istəyirəm. “Əmək miqrasiyası haqqında” Qanunda çoxlu maraqlı məsələlər var. Orada əmək bazarının qorunması haqqında müddəalar da var. İkincisi, bizdə işçilərin qeydə alınması ilə əlaqədar iki ciddi struktur var: Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Əmək inspeksiyası və Sosial Müdafiə Fondunun xüsusi işçiləri. Onlara da qanunlarımızla səlahiyyət verilib ki, bunun qarşısını alsınlar. Yəni bizim imkanlarımız var.
Mən qalan məsələlərlə bağlı geniş danışmaq istəmirəm. Bütövlükdə bugünkü çıxışlarda səslənən fikirlərin hamısı bizim üçün qanun yaradıcılığında əsas kimi götürülə bilər və biz gələcəkdə qanunlarımızda bunları nəzərə alacağıq. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, Hadi müəllim. Gördüyünüz kimi, bu gün iki məsələni bir yerdə müzakirə etdik. Səsvermə ayrı-ayrı olacaq. Xahiş edirəm, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında məsələyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.00 dəq.)
Lehinə 100
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin dördüncü məsələsi “Həmkarlar ittifaqları haqqında” Azərbaycan Respublikası Qanununa əlavələr və dəyişikliklər edilməsi barədədir. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 14.01 dəq.)
Lehinə 99
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 99
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə elan olunur.
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. İclasımıza davam edirik. Hörmətli millət vəkilləri, iclasın birinci hissəsində təklif olundu ki, Fransada erməni soyqırımına dair qanun layihəsinin müzakirəsi ilə bağlı bəyanatımızı verək. Təklif edirəm ki, bəyanat yox, müraciət qəbul edək. Çünki Fransa parlamenti bu barədə qanun layihəsini gündəliyə salmayıb. Ayın 12-dən sonra bu, gündəliyə çıxarılarsa, onda bəyanat göndərərik. Bahar xanım, buyurun, Müraciəti millət vəkillərinə çatdırın.
B. Muradova, Milli Məclis Sədrinin müavini.
“Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikasının Milli Məclisinə Müraciəti.
Hörmətli həmkarlar,
Bu il oktyabrın 12-də Fransa Respublikasının Milli Məclisində “erməni soyqırımı”nın inkar edilməsinə görə cəza müəyyən edən qanun layihəsinin müzakirəyə çıxarılacağı barədə aldığımız xəbər bizi son dərəcə narahat edir. Biz sizi tam aydın olmayan uzaq tarixi hadisələrə ehtiyatla yanaşmağa çağırırıq. Şübhə yoxdur ki, qəbul ediləcəyi təqdirdə belə bir qanun demokratik quruluşun təməlində dayanan, insan hüquqları və azadlıqları sırasında əsas yer tutan söz və fikir azadlığına zidd olacaqdır.
Bu cür qanunun qəbul edilməsi dünyada ikili standartların mövcudluğu barədə fikirləri təsdiqləyəcəkdir. Hər bir ölkənin tarixində axıra qədər məlum olmayan, elmi cəhətdən tədqiq edilməsinə ehtiyac olan hadisələr vardır. 1915-ci ildə Osmanlı Türkiyəsi ərazisində guya ermənilərin “soyqırımı”na məruz qalması barədə deyilənlər də ciddi araşdırma tələb edən ehtimallar qəbilindəndir. Yeri gəlmişkən, xatırlatmaq istərdik ki, bu yaxınlarda Türkiyədə Osmanlı dövrünə aid arxivlər açılmış, arzu edən hər kəs, o cümlədən erməni siyasətçiləri və alimləri XX əsrin əvvəllərinə aid tarixi sənədlərlə tanış olmağa dəvət edilmişlər. Təəssüf ki, erməni tərəfi sağlam diskussiya barəsində bu təklifə etinasızlıq göstərmişdir.
Diqqətinizə çatdırırıq ki, “erməni soyqırımı”nın baş verdiyi iddia olunan dövrdə yüz minlərlə günahsız türk və azərbaycanlı erməni millətçiləri tərəfindən kütləvi şəkildə qətlə yetirilmişdir. Bütün bunlar nəzərə alınarsa, yəqin, bizimlə razılaşarsınız ki, tarixi hadisələrə bir tərəfin mövqeyindən qiymət vermək cəhdləri tarixi həqiqətlərə hörmətsizliyə gətirib çıxara bilər. Ayrı-ayrı siyasi qrupların və etnik lobbiçilərin bəd niyyətli fəaliyyəti nəticəsində qəbul edilə biləcək qanun Fransa kimi qədim demokratik ənənələri olan ölkənin nüfuzuna yalnız ləkə vura bilər. Bununla yanaşı, belə bir qanun Ermənistan – Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizama salınması ilə məşğul olan ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın obyektivliyini şübhə altına alacaqdır. Ona görə də Azərbaycan Respublikasının Milli Məclisi Fransa parlamentindəki həmkarlarını adı çəkilən məsələnin müzakirəsi zamanı diqqətli və həssas olmağa çağırır.”
Sədrlik edən. Təkliflər, dəyişikliklər olmayacaq?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Deyəsən, təklifləri olanlar da var. Təklifləri yazılı şəkildə Aparatın rəhbərinə verin, lazımi dəyişikliklər olsa, günün axırında təzədən qulaq asıb sonra müraciəti göndərərik.
İcazə verin, gündəliyimizə davam edək. Gündəliyin beşinci məsələsi Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavə və dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynova söz verilir, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli Sədr, hörmətli həmkarlarım! Cənab Prezident tərəfindən Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi iki qanuna əlavə və dəyişiklikləri nəzərdə tutur. Birincisi, “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda “daxili işlər orqanlarında qüsursuz xidmətə görə medalı və polis veteranı medalı” sözlərinin əlavə olunması təklif edilir. Məlumat üçün bildirmək istəyirəm ki, yaz sessiyasında parlamentdə “Daxili işlər orqanlarında qüsursuz xidmətə görə” medalının Əsasnaməsi və təsviri, eyni zamanda, “Polis veteranı” medalının Əsasnaməsi və təsviri qanunla qəbul olunmuşdur. Beləliklə, Azərbaycan Respublikasında iki yeni medal parlament tərəfindən təsis olunmuşdur. Qanunvericiliyimizin tənzimlənməsi və dəqiqləşdirilməsi baxımından bu medalların adlarının “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” Qanunda da əksini tapması, oraya əlavə olunması vacibdir. Bu əlavə ilə biz məsələni həll etmiş oluruq. Düşünürəm ki, bu, tamamilə yerindədir.
İkinci dəyişiklik isə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”dən daxili xidmət sıravisindən başlamış daxili xidmət general-mayoruna qədər rütbə adlarının çıxarılmasıdır. Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsi hazırda Daxili İşlər Nazirliyinin tabeliyindən Fövqəladə Hallar Nazirliyinin tabeliyinə keçmişdir. Bu idarənin, yəni Baş Dövlət Yanğın Təhlükəsizliyi İdarəsinin əməkdaşları bu cür rütbələrlə adlandırılırdılar. Bu xidmət artıq daxili işlər orqanlarında olmadığına görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”dən çıxarılır. Bu da tamamilə yerində olan bir təklifdir. Ona görə həmkarlarımdan xahiş edirəm, bu məsələyə səs versinlər. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu mənim payız sessiyasında ilk çıxışımdır. Ona görə də ilk öncə istərdim ki, qısa bir müddətdə Milli Məclisin binasında bu qədər böyük işlər görüldüyü üçün, Oqtay müəllim, şəxsən Sizə və burada xidməti olan hər kəsə öz dərin minnətdarlığımı bildirim. Bəzən adam özünün üçotaqlı mənzilini 4 aya təmir edə bilmir. Bu qədər işləri təşkil etmək və görmək çox böyük işdir. Bunu qiymətləndirmək lazımdır.
Oqtay müəllim, mən, sözsüz ki, bu dəyişiklikləri çox doğru hesab edirəm və buna səs verəcəyəm. Amma cari məsələlərlə bağlı çıxış etmək imkanım olmadı, ona görə də istəyirəm bir məsələyə münasibətimi bildirim. Bu, Bahar xanımın da oxuduğu müraciətlə bağlı məsələdir. Amerika Birləşmiş Ştatları Konqresinin 77 üzvü Amerika Birləşmiş Ştatlarının Prezidentinə müraciət edib ki, Dağlıq Qarabağın iqtisadi və siyasi əlaqələrinə qoşulsun. Bu, Azərbaycanın suveren hüquqlarına birbaşa müdaxilədir, beynəlxalq hüququn ayaqlar altına atılmasıdır, beynəlxalq hüquqa çox sayğısız münasibətdir. Azərbaycan Amerika Birləşmiş Ştatlarının antiterror koalisiyasında ən yaxın müttəfiqi kimi, hətta beynəlxalq birlik tərəfindən bəzən bəyənilməyən, BMT tərəfindən sanksiyalaşdırılmayan belə tədbirlərdə öz əsgərlərini odun-alovun içərisinə göndərib. Amma Amerika Birləşmiş Ştatlarında erməni lobbisinin dəstəyini qazanmaq məqsədi ilə ABŞ Konqresinə iki dövlət arasındakı münasibətlərə xələl gətirən və beynəlxalq hüquqa çox sayğısız olan belə bir müraciət ediblər.
Biz bu müraciətə münasibətdə laqeyd mövqe tutmamalıyıq. Ona görə ki, bunun arxası ilə daha başqa addımlar da atıla bilər. Siz bilirsiniz, ABŞ Konqresi bu yaxınlarda qərar layihəsi qəbul etdi ki, Bakı-Tbilisi - Axalkalaki dəmir yolunun layihələşdirilməsində Amerika hökuməti hər hansı formada iştirak etməsin. Tutaq ki, bu, Amerika Birləşmiş Ştatlarının öz işidir, amma beynəlxalq hüquqa bu qədər sayğısız yanaşmaq və Amerika Birləşmiş Ştatlarını başqa bir dövlətin ərazisində qondarma bir respublika ilə əlaqə qurmağa çağırmaq, hesab edirəm ki, bizim suverenliyimizə müdaxilədir və buna öz kəskin etirazımızı bildirməliyik.
Oqtay müəllim, çox sağ olun ki, Siz millət vəkillərinin təkliflərini dəstəklədiniz, biz bu gün Fransa parlamentinə öz etirazımızı bildiririk. Analoji etirazla biz Amerika Konqresinə də müraciət edək. Mən şəxsən öz partiyamız adından millət vəkili kimi belə bir etiraz məktubunu konqresə göndərmişəm. Çox istərdim ki, belə bir müraciətlə parlament çıxış etsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli Qüdrət müəllim, 70 konqresmenin rəyi heç də Amerika dövlətinin rəyi deyil. Müstəqil deputatlar belə bir təşəbbüslə çıxış ediblər. Biz araşdırarıq, lazım olsa, müraciət də qəbul edərik. Aydınlaşdırmaq lazımdır. Əgər gündəlikdəki məsələ ilə əlaqədar çıxış edən yoxdursa, təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.14 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin növbəti məsələsinə keçirik. “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə məsələyə dörd komissiyanın iclasında baxılıb. Söz verilir Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimova.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Cənab Sədrin dediyi kimi, “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar əlavə və dəyişikliklərə dörd komissiyada baxılıb. Bu qanunun tətbiqi ilə əlaqədar olaraq Prezident Aparatından 8 qanuna əlavə və dəyişikliklər daxil olub. “Ailə kəndli təsərrüfatı haqqında” Qanun barədə xüsusi ilə təzə seçilən deputatlarımıza məlumat vermək istəyirəm ki, bu qanun 2005-ci ildə qəbul olunub. Prezidentimiz tərəfindən imzalanıb, bu il sentyabrın 1-də qanunun tətbiqi ilə əlaqədar möhtərəm Prezidentimizin fərmanı olub. Bu gün də 8 qanuna əlavə və dəyişikliklər nəzərdə tutulub. Bizim komissiyada, əsasən, Su Məcəlləsinin 55-ci maddəsinə dəyişiklik müzakirə olunub.
Bu layihə, yəqin ki, sizdə var. Ancaq istərdim, bir daha sizin diqqətinizə çatdırım ki, Su Məcəlləsinin 55-ci maddəsi torpaq mülkiyyətçilərinin və istifadəçilərinin ərazisində yerləşən su ehtiyatlarından kənd təsərrüfatının ehtiyacları üçün istifadədən bəhs edir. Burada göstərilir ki, kənd təsərrüfatı müəssisələrinin, kəndli (fermer) təsərrüfatlarının, digər hüquqi və fiziki şəxslərin onların mülkiyyətinə və istifadəsinə verilmiş torpaqlarda qanunvericiliklə müəyyən edilmiş qaydada bulaqlardan, kəhrizlərdən, digər təbii su mənbələrindən istifadə etmək, bu mənbələr üzərində sututarlar və su təsərrüfatı qurğuları düzəltmək hüquqları vardır. Bir daha qeyd etmək istəyirəm ki, “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar 55-ci maddənin təklif olunan redaksiyasında "kəndli (fermer)” sözləri “ailə kəndli” sözləri ilə əvəz edilir. Bu da tamamilə qanunauyğundur. Biz bu məsələni komissiyada deputat həmkarlarımın iştirakı ilə müzakirə etmişik. Prezident tərəfindən təqdim olunmuş qanun layihəsinə görə Su Məcəlləsində edilən bu dəyişikliyi tamamilə yerində və düzgün sayırıq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri Əli Hüseynov. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli həmkarlarım, “Ailə kəndli təsərrüfatı haqqında” Qanun ailə kəndli təsərrüfatı üzvləri tərəfindən bu təsərrüfatın müvafiq bələdiyyədə uçota durmaması ilə əlaqədar məsuliyyəti müəyyən edir. Məhz bu, nəzərə alınaraq İnzibati Xətalar Məcəlləsində ailə kəndli təsərrüfatı üzvləri tərəfindən bu təsərrüfatın müvafiq yerli bələdiyyədə uçota durmasının təmin edilməməsinə görə inzibati cəza müəyyənləşdirilir. Təbii ki, bu çox kiçik inzibati xətadır və buna görə cərimə sanksiyası da kiçik olmalıdır. Təklif olunur ki, belə bir xəta törədilərsə, şərti maliyyə vahidinin 5 mislindən 10 mislinə qədər inzibati cərimə sanksiyası nəzərdə tutulsun. Hesab edirəm ki, sanksiya qanuna müvafiqdir və bunu qəbul etmək lazımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadə.
A. Rəhimzadə. Çox sağ olun, cənab Sədr. Hörmətli deputatlar, müzakirə olunan layihə bələdiyyə qanunlarında əlavə və dəyişikliklər edilməsini nəzərdə tutur. Bu əlavə və dəyişikliklərin mahiyyəti ailə kəndli təsərrüfatı yaratmaq arzusunda olan şəxslərə müəyyən imtiyazların verilməsindən ibarətdir. Eyni zamanda, ailə kəndli təsərrüfatı yaradılmasına köməklik etmək bələdiyyələrin proqram vəzifəsi kimi təsbit olunur. Bələdiyyələr yerli proqramlar hazırlayıb onun əsasında fəaliyyət göstərməlidirlər. Bu məsələ də proqramlara daxil edilir.
Əlavə və dəyişikliklər təqdim olunan layihənin 4-cü, 7-ci və 8-ci bölmələrində əks etdirilibdir. Bunlar “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Qanunun 9.5 və 11.3-cü maddələrinə, “Bələdiyyələrin statusu haqqında” Qanunun 4-cü maddəsinə və “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamə”nin 13-cü maddəsinə aiddir. Sonuncu maddədə müəyyən redaktə dəyişikliyi olubdur. Bu dəyişiklik verilibdir. Mən xahiş edirəm, məsələyə münasibətinizi bildirəsiniz. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Çox sağ olun. Hörmətli Sədr, bu qanunun tətbiqi ilə bağlı bizim komissiya üç qanuna dəyişikliklə bağlı müzakirə aparıb. Bunlardan biri “Sosial sığorta haqqında” Qanundur. Biz bilirik ki, uzun müddət ailə kəndli təsərrüfatı sığortalanmırdı və buna görə də belə təsərrüfatların üzvləri pensiya ala bilmirdilər. Bu qanun layihəsinə görə onlar minimum əmək haqqının 2 misli miqdarında sığortalanacaq və sosial pensiya almaq imkanı qazanacaqlar. Ailə Məcəlləsi və Əmək Məcəlləsinə də müvafiq dəyişikliklər edilib. Bu dəyişikliklər, əsasən, texniki, redaktə xarakteri daşıyır. Bütövlükdə bizim komissiya bu dəyişikliklərin lehinə səs verib. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Sədrlik edən. Çox sağ olun. Çıxışa yazılanlar var, müzakirələrə başlayırıq. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Burada ailə kəndli təsərrüfatının bələdiyyə tərəfindən qeydə götürülməsi və bələdiyyələrin bunlara yardımı məsələsi qoyulur. Bələdiyyələrin nə qədər imkanı, torpağı var ki, bunlara da yardım eləsin? Bu, mübahisə doğuran məsələdir. Amma məni maraqlandıran bir məsələ var. Bir adam kəndli təsərrüfatı yaradır, təsərrüfatla məşğuldur, heç ailəsi yoxdur. Bunun qurduğu təsərrüfata nə ad verəcəksiniz? Mən bu suala cavab almaq istəyirdim. Ailə kəndli təsərrüfatı hər bir kəndlinin bu işlə məşğul olması üçün nə qədər şərait yaradır? Çox istərdim, bu işlə məşğul olan, qanunda dəyişiklik edən adamlar buna cavab versinlər.
Qanunlarda ailə kəndli təsərrüfatlarının fəaliyyəti üçün şərait yaradırıq. Amma neçə illərdən bəri Milli Məclisin qabağına yüzlərlə insan gəlib deputatlara şikayət edir ki, biz heç yerdən yardım, kredit ala bilmirik. Azərbaycanın imkanları genişlənir, büdcə artır, amma pul kimlərin əli ilə paylanır, hara gedir, kimlərə gedib çatır? Hansı kəndli təsərrüfatının başçısı öz gücü ilə, heç kimə müraciət etmədən, sadəcə, hüquqi yolla gedib müəyyən miqdarda kredit götürməklə öz təsərrüfatını qura bilir? Bu, son dərəcə ciddi məsələdir. Təəssüf ki, Azərbaycanda indiyə qədər bu məsələdə bir qayda yaradılmayıb. Kredit məsələsi hamını çətinə salıb, kredit alan da aldığının müəyyən miqdarını qapılarda xərcləyir. Nəticə etibarı ilə nə kreditin xeyri, nə də bizim kənd təsərrüfatımıza təsiri olur. Adını dəyişirik, bir gün “fərdi təsərrüfat”, bir gün “ailə təsərrüfatı” deyirik. Adın fərqi yoxdur, hansı adla olur-olsun, kəndliyə konkret yardım etmək lazımdır. Kredit məsələsində bir qayda-qanun yaratmaq lazımdır. Qayda olmasa, qanunda nə qədər dəyişiklik edilir edilsin, bunun konkret köməyi olmayacaq. Çox sağ olun.
Sədrlik edən. Məjlum Şükürov.
M. Şükürov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri! Mən də payız sessiyasında ilk çıxışım olduğu üçün bütün millət vəkillərinə milli dövlətçiliyimizin möhkəmlənməsi, xalqımızın rifah halının yaxşılaşması naminə səmərəli iş arzulayıram. Milli Məclisin rəhbərliyinə, Qüdrət müəllimin dediyi kimi, belə bir gözəl iş şəraiti yaratdığı üçün təşəkkürümü bildirirəm.
“Ailə kəndli təsərrüfatı haqqında” Qanunla bağlı deyərdim, çox yaxşı alındı ki, mən Sabir müəllimdən sonra çıxış etməli oldum, elə öz fikirlərimi də onun qaldırdığı məsələlərə münasibət bildirmək üzərində qurmuşdum. Mənə elə gəlir ki, ailə kəndli təsərrüfatı kənddə ən əlverişli təsərrüfat forması kimi qəbul olunur. Bunun da ən başlıca səbəbi qanuna təklif olunan dəyişikliklərdir.
“Sosial sığorta haqqında” Qanunda təklif olunan birinci dəyişiklik torpaq mülkiyyətçisini torpaqların kateqoriyalarına görə fiziki şəxslərdən tələb olunan sığortalardan azad edir. Həmin qanuna əlavə olunan bir bəndə görə isə əksinə, fiziki şəxs kimi torpaq mülkiyyətçisi sosial sığorta haqqını təqribən 10 yeni Azərbaycan manatı həcmində ödəməli idisə, həmin dəyişiklikdən sonra bu, təxminən 6 manata enir. Yəni torpaq mülkiyyətçisi ailə kəndli təsərrüfatı formasında fəaliyyət göstərərsə, ona əlavə imtiyazlar verilir.
Bundan başqa, Əmək Məcəlləsinə dəyişiklik barədə Hadi müəllim də qeyd etdi. Əmək Məcəlləsinə təklif olunan dəyişiklik torpaq mülkiyyətçisinin əmək fəaliyyəti, əmək stajı ilə əlaqədar yaranan problemləri tamamilə aradan qaldırır. Heç bir bürokratik əngəl olmadan, sadəcə olaraq, artıq pensiya yaşına çatdıqda yerli bələdiyyədə özünün əmək fəaliyyəti, əmək stajı haqqında sənədlə pensiya təminatı əldə edə bilər. Bu nöqteyi-nəzərdən mən hesab edirəm ki, ailə kəndli təsərrüfatı bu gün kəndli, torpaq mülkiyyətçisi üçün ən sərfəli təsərrüfat formasıdır. Lakin mən sizi inandırım ki, - seçicilərlə görüşlər zamanı xüsusən bu, hiss olunur, - belə bir mütərəqqi təsərrüfat forması haqqında qanun barədə yerlərdə torpaq mülkiyyətçilərinin məlumatı çox azdır. Ona görə də mən məqamdan istifadə edib kütləvi informasiya vasitələrinin təmsilçilərinə, jurnalistlərə müraciət etmək istəyirəm ki, yerlərdə bu qanunun çox böyük təbliğatına ehtiyac var. Təsəvvür edin ki, bu qanuna görə ailə kəndli təsərrüfatının qeydiyyata düşməsi üçün kəndlinin regional qeydiyyat idarələrinin heç birinə gedib müraciət etməsinə ehtiyac yoxdur. Yalnız yerli bələdiyyəyə müraciət edərək qeydiyyata düşməklə bu imtiyazları əldə edə bilir. Amma torpaq mülkiyyətçilərinin qanunun belə üstünlüklər verməsi haqqında məlumatı yoxdur.
Təsəvvür edin ki, torpaq islahatı zamanı ölkədə 860 mindən çox torpaq aktı alan insan var. Faktik olaraq bu insanların gedib bələdiyyədə qeydiyyata düşməsi “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun verdiyi bütün imtiyazlardan onların avtomatik istifadə eləməsinə şərait yaradır. Buna görə də mən israrla deyirəm ki, bu qanunun torpaq mülkiyyətçiləri, kənd camaatı arasında təbliğata xüsusi ehtiyacı var. Təəssüf ki, bu gün aqrar sahədə hiss olunan müəyyən gərginliyi qeyd etməmək mümkün deyil. İndiki dövr, bilirsiniz ki, payızlıq taxıl əkini ərəfəsidir. Ölkədə hər il təxminən 750 min hektara yaxın payızlıq buğda əkilir. Lakin bu il, təəssüf ki, torpaq mülkiyyətçilərinin, fermerlərin taxıl əkininə laqeyd münasibəti hiss olunur. Hiss olunur ki, bu sahəyə fermerlər artıq gəlirsiz bir sahə kimi baxırlar. Amma ölkənin təhlükəsizliyi nöqteyi-nəzərindən, xüsusən indiki məqamda taxıl ehtiyatına heç cür laqeyd qalmaq olmaz. Mən hesab edirəm ki, qonşudan daim un almaqla ailənin çörək təknəsini doldurmaq mümkün deyil. 750 min hektarın çox hissəsində, təxminən 400 min hektarında yalnız taxıl becərilə bilər. Kəndli torpağa laqeyd qalırsa, belə bir laqeydlik, mənə elə gəlir ki, hamımızı narahat etməli, bütün icra strukturları, həm də kütləvi informasiya orqanları taxıl sahəsinə diqqəti artırmalıdırlar.
Fermer tərəfindən taxıl səpininə belə etinasızlığın ən başlıca səbəbi, əlbəttə, bu sahənin mənfəətsiz olmasıdır. Lakin bu il dünya bazarında, birjalarda taxılın qiyməti get-gedə qalxır, daxili bazarda belə bir meyil artıq hiss olunur. Əminəm ki, bu sahə fermerlər üçün perspektivli bir sahəyə çevriləcəkdir. İndi Sabir müəllim də bu məsələni qaldırdı. Amma hər halda qeyd etmək istəyirəm ki, gələn il üçün mikromaliyyələşdirmə, xüsusi ilə fermer təsərrüfatlarının maliyyələşdirilməsi istiqamətində həm bizim dövlət tərəfindən hazırlanan proqramlara, həm də beynəlxalq bir layihəyə görə kənd təsərrüfatının inkişafı çərçivəsində təxminən 50 milyona yaxın vəsait birbaşa fermerlərə çatdırılacaqdır. Yəni xırda torpaq sahələrini becərmək üçün nəzərdə tutulan kreditləşmə proqramı hər halda həyata keçiriləcəkdir. Ona görə də mən aidiyyəti orqanları bu sahəyə xüsusi diqqət yetirməyə və ölkənin taxıl ehtiyatını, ərzaq gələcəyini problem qarşısında qoymamağa çağırıram. Sağ olun.
Sədrlik edən. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən “Ailə kəndli təsərrüfatı haqqında” Qanunun tətbiqi ilə əlaqədar qanun layihəsinin 8-ci bəndində edilən düzəlişlərlə bağlı bir neçə təklif səsləndirmək istərdim.
Bəlkə bu məsələlərin layihədə öz əksini tapması yaxşı olardı. Düzdür, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqın da Əsasnamə”yə təqdim olunan dəyişiklik çox müsbət bir haldır və məncə, bələdiyyələr tərəfindən torpaq sahələrinin ayrılmasında qanun-qayda yaradılmasına xidmət edəcək. İlk növbədə kimlərə üstünlük vermək lazımdır? Bu məsələ çox yaxşı şəkildə öz əksini tapıb. Burada 13-cü bənddə yazılır: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparı lan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailələ rinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri onların mülkiyyətinə bir dəfə pulsuz verilir” Bu çox müsbət addımdır.
Nəzərə alsaq ki, Azərbaycanın cəlb olunduğu müharibə hələ bitməyib, bu, müsbət addımdır. Amma bir şeyi nəzərə almaq lazımdır. İndiyə qədər Azərbaycanın ərazi bütövlüyü uğrunda əlil və şəhid olmuş insanların ailələri rayonlarda ar tıq bu torpaq sahələrini pulla alıblar. Yəni artıq onlara pul suz verilməsi şərtinin tətbiq edilməsi mümkün olmaya caq. Bu, təbii ki, gələcək üçün yaxşıdır. Amma bu gün belə insanlardan bir çoxunun ailələri çətin vəziyyətdədir. Şəhid ailəsinin kiçik uşaqları varsa, bu uşaqları böyüdüb yerləş dir mək lazımdır.
Əlillər var, övladlarını yerləşdirməlidirlər. Mən çox xahiş edərdim, ondan sonra gələn 13.5-ci maddəyə məhz bunu əlavə edək. Orada yazılır: “Sərhədyanı və dağlıq ərazilərdə yaşayan, daimi yaşamaq üçün həmin ərazilərə köçən, təsərrüfatla məşğul olmaq istəyən gənclər qanunvericilikdə müəyyən olunmuş qaydada torpaq sahələri ilə ilk növbədə təmin olunurlar”. Mənə elə gəlir ki, biz bunun əvəzinə “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslər və həlak olanların ailələri torpaq sahəsi satın almaq istədikdə torpaq sahəsi ilə ilk növbədə təmin olunurlar” yazsaq, bu, onların yararlanmasına kömək edər.
İkinci məsələ də budur ki, dediyim maddəyə “Azərbaycanın ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə bir dəfə pulsuz verilir” müddəasından sonra daha bir müddəa da əlavə edə bilərik. Dinc dövrdə ön cəbhədə hərbi xidmət keçərkən əsgəri vəzifələrini yerinə yetirən zaman həlak olmuş insanlar, gənclər də şəhid hesab olunurlar. İndi atəşkəs rejimi olsa da, bu cür insanlarımızın, gənclərimizin sayı kifayət qədərdir. Ədalətli olardı ki, bu cür insanların da ailələrinin torpaqdan bir dəfə pulsuz yararlanmasına imkan yaradaq. Çox sağ olun.
Sədrlik edən. Pənah Hüseyn.
P. Hüseyn. Sözün doğrusu, bu gün müzakirə elədiyimiz qanun layihəsinə baxanda məndə belə bir təsəvvür yaranır ki, layihəni hazırlayanların, ümumiyyətlə, kənd təsərrüfatında nə baş verdiyindən, orada hansı vəziyyətin hökm sürdüyündən ya xəbərləri yoxdur, ya da sadəcə, buna əhəmiyyət vermirlər. Layihədə məcburi qaydada sosial sığorta haqqının ödənilməsindən danışılır.
Mənim valideynlərim, qohumlarım, bacı-qardaşlarım kənd təsərrüfatı ilə məşğuldurlar. Heç bir fayda götürmədən faktik olaraq iflasa uğramış, müflis olmuş kəndli təsərrüfatlarından hələ də əlavə haqq istənilir. Bu sosial sığorta haqqının 6 manat olacağı qeyd edildi. Sizi inandırıram ki, kənddə bir çoxları üçün bu, az məbləğ deyil. Əgər az olsaydı, elektrik haqqı və yaxud yerlərdə kommunal xərclər indiki kimi bərbad vəziyyətə düşməzdi. Sözümün mənası ondan ibarətdir ki, icbari qaydada sığorta haqqının qoyulmasının əvəzinə öyrənmək lazımdır ki, ümumiyyətlə, kəndli təsərrüfatında çalışanlar üçün ayrılmış pay torpaqlarından kəndlilər hansısa bir mənfəət əldə edirlər, ya yox?
Mən sizə tam məsuliyyətlə deyirəm, seçicilərlə apardığım söhbətlərdə də bu, ortalığa qoyulur ki, xüsusən son illərdə, bir daha təkrar edirəm, verilmiş pay torpaqlarının mütləq əksəriyyətindən, xüsusən xırda ailə kəndli təsərrüfatlarından hansı bir şəkildəsə mənfəət əldə edilməsi, demək olar, qeyri-mümkündür. Əvəzində isə bu pay torpaqları onların sahiblərinə bir sıra bəlalar gətirmişdir. Məsələn, kənd yerlərində həmin pay torpaqlarının olmasına istinad eləyərək bir çox kəndli ailələri ünvanlı sosial yardımdan məhrum edilmişlər. Qanunvericilik qaydasında və yaxud müəyyən təlimat və əsasnamələrlə yuxarıdan bu və ya digər kateqoriyalı torpaqlar üçün illik məcburi gəlir dərəcələri, göstəriciləri müəyyənləşdirilir. İcbari sosial sığortanın ödənilməsi, faktik olaraq, kəndlilərin onsuz da çətin olan vəziyyətini daha da çətinləşdirir. Biz dəfələrlə Eldar müəllimə bu məsələni demişik.
Taxılçılıq son illərdə Azərbaycanda iflas həddinə gəlib çatmışdır. Taxılla məşğul olmaq əmtəə təsərrüfatı nöqteyi-nəzərindən artıq mümkün deyildir. Natural təsərrüfat baxımından, başqa əlacı olmayan kəndlilər ya özlərini ərzaqla təmin eləmək, ya da mal-qaraya vermək üçün taxıl əkirlər. Mən sizə deyirəm, bunu əkənlər də getdikcə azalır. Keçən il yanacağın qiymətinin, kənd təsərrüfatı texnikasına çəkilən xərclərin artmasından sonra taxılçılıq tamamilə zərərlə işləyən bir sahəyə çevrilməkdədir. Milyonlarla pulun ayrılmasına baxmayaraq, xüsusən aran rayonlarında meliorasiya işlərinin aparılmaması, dövlət tərəfindən ayrılan pulların açıq-aydın mənimsənilməsi ona gətirib çıxarıb ki, torpaqların ən azı yarıdan çoxu şoranlaşıb. Orada nəinki pambıq, taxıl, mal-qara üçün yararlı olan yabanı bitkilər belə bitmir.
Bəlkə də belə qanunun olmamasındansa, olması yaxşıdır. Ciddi aqrar siyasətin aparılması və son dövrdə respublikaya gələn vəsaitin əhəmiyyətli hissəsinin kənd təsərrüfatının inkişafına yönəldilməsi, dövlətin dotasiya qaydasında kənd təsərrüfatının inkişafını stimullaşdırması, mən hesab edirəm ki, ümummilli bir məsələ, dövlətin ərzaq təhlükəsizliyi ilə bağlı bir məsələ və son nəticədə dövlətimizin milli təhlükəsizliyi ilə bağlı bir məsələdir.
Sonda mən bir məsələni də qeyd etmək istəyirəm. Burada səslənən fikirlərə dəstək verirəm. Adətən, yerlərdə seçicilər 7 faiz deyirlər. Amma əslində, 0,7 faizlə kredit verilməsi məsələsi qaldırılır. Hamı bizdən, deputatlardan 0,7 faizli kredit istəyir. Hamı deyir ki, heç kəs 20 faiz rüşvət vermədən həmin kreditlərdən 1 manat da olsun almır. Gəlin özümüzü, millətimizi və xalqımızı aldatmayaq. Biz burada tez-tez deyirik ki, nazirlər gəlsinlər, hesabat versinlər. Kənd Təsərrüfatı Nazirliyi kənd təsərrüfatı texnikası üçün güzəştli kredit ayırıb. Amma bazarlarda həmin kateqoriyalı texnika ən azı 50 faiz baha satılır. Məsələn, bizim zonanın adamları deyirlər ki, Əli Bayramlıda həmin texnika Bakıda küçələrdə qoyulub satılan texnikadan 50 faiz bahadır. Özü də dövlətin, büdcənin hesabına ayrılan və respublikaya gətirilən həmin güzəştli texnikadır. Bu sözlər eləcə də gübrəyə, başqa toxumçuluq məhsullarına aiddir. Burada bizim nazirlər çıxış elədilər, dedilər ki, yanacağa görə müəyyən güzəşt veriləcək. Bir neçə yerdə xüsusi olaraq fermerlərlə, kəndlilərlə bu məsələ ilə bağlı söhbət aparmışıq, heç bir əlavə ödənc verilmir.
Azərbaycanın kənd təsərrüfatını gözümüzün qabağında məhv edirlər. Ona görə mən istərdim ki, hörmətli deputatlar, müvafiq komissiyalar bu məsələni ayırd etsinlər. Ola bilər ki, bu, plenar iclasda müzakirə edilməsin. Amma Aqrar siyasət daimi komissiyasına təklif edirəm ki, belə bir dinləməni təklif eləsin. Marağı olan, yəni kənd rayonlarında seçiciləri olan deputatlar Kənd Təsərrüfatı Nazirliyinin və digər əlaqədar icra orqanlarının rəhbərlərinin iştirakı ilə belə bir müzakirə aparsınlar.
Valeh müəllim energetika sahəsinin işçiləri ilə bir yaxşı müzakirə aparmışdır. Mən həmin komissiyada idim. Mən sizə deyim ki, onun əhəmiyyəti olub. Belə məsələlərin komissiyaların xətti ilə, heç olmasa, dinləmələrinin təşkil edilməsinə ehtiyac var. Sağ olun.
Sədrlik edən. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun, hörmətli cənab Sədr. Mən, sadəcə olaraq, hörmətli həmkarlarım tərəfindən deyilən bir neçə məsələyə münasibətimi bildirmək istərdim. Bəlkə də mən danışandan sonra digər həmkarlarımın danışmasına ehtiyac olmayacaq. Sabir müəllim deyir ki, bəs bir nəfər ailə kəndli təsərrüfatı yarada bilərmi? Əvvəllər “kəndli fermer təsərrüfatı” termini qəbul olunmuşdu. Lakin indi “ailə kəndli təsərrüfatı” adlandırılır, kəndlilər də ailədə birləşən insanlardırlar. Ona görə də bunun adını, hesab edirəm ki, biz düz tapdıq. Həmin qanun mənim əlimdədir, 1.2-ci maddəsini oxuyum ki, hörmətli Sabir müəllimin və digər həmkarlarımın da yaddaşı təzələnsin. Orada deyilir ki, ailə kəndli təsərrüfatının tərkibi bir nəfərdən, ailə üzvlərindən və onlarla qohumluq və digər münasibətlər əsasında fəaliyyət göstərən şəxslərdən ibarət ola bilər. Demək, burada bir nəfər getdi.
Biz bu qanunu nə üçün “Kəndli (fermer) təsərrüfatı haqqında” Qanundan sonra qəbul elədik? Bu qanunun əsas məqsədlərindən biri nədən ibarətdir? 1.3-cü maddədə deyilir: “Ailə kəndli təsərrüfatı kənd yerlərində qanunvericiliklə qadağan olunmayan və məhdudiyyət qoyulmayan bütün iqtisadi fəaliyyət növləri ilə məşğul olan təsərrüfatçılıq subyektidir və onun fəaliyyəti sahibkarlıq sayılmır”. Qabaq kəndli (fermer) təsərrüfatında taxıl əkən kimsə gedib kənddə bir traktora əgər əl vururdusa, gəlib deyirdilər ki, buna vergi ver, bu oldu sahibkarlıq. Yəni kənddə camaatı incidirdilər. Biz də xüsusi məqsədlə yazdıq ki, ailə kəndli təsərrüfatı olsun. Fərqi yoxdur, adı necədir? Fərqi ondan ibarətdir ki, kənddə insanları incitməsinlər. İnsanlar bütün vasitələrdən istifadə edərək məhsul istehsalını artırsınlar. Bu bir.
Həmkarlarım dedilər, mən də çox təəssüf edirəm ki, hər yerdə kredit şəffaf verilmir, kimsə kimisə incidir. Həmin məsələ bu qanunun predmeti deyil. Bu, icra orqanlarında gedən proseslərdir. Təəssüflər olsun ki, taxılçılıq çox yaxşı inkişaf etmir. Bəli, son vaxtlar taxılın bazarı yoxdur. İnsanlarımız məhsulu sata bilmirlər və taxıl əkini azalır. Mənim ünvanıma pambıqçılıqla bağlı ərizələr daxil olmuşdu. Mən onları Baş nazirə göndərdim. Təəssüflər olsun ki, bu yay bunlara cavab ala bilməmişik. Hörmətli həmkarlarıma bildirmək istəyirəm ki, yerlərdə kəndliləri incidirlər. Pambığın, məhsulun bir kiloqramı neçəyə başa gəlirsə, onun artığını almırlar. Ona görə pambıqçılıq azalıb. Bəli, bunlar var. Yenə deyirəm, bunlar var. Amma yəqin ki, bunlar qısa müddətdə düzələcək, çünki kənd təsərrüfatı sahəsində çox böyük işlər gedir.
Möhtərəm Prezidentimiz “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı” imzalayıb. Prezidentimizin özünün rayonlarda, yerlərdə olub tapşırılan işlərin nəticəsini yoxlaması bu işlərə böyük təkan verir və verəcək. Keçən həftə Kənd Təsərrüfatı Nazirliyində dövlət baytarlıq xidməti üzrə çox böyük konfrans keçirilib. Mən orada iştirak eləmişəm. Bu təşkilatın adı Beynəlxalq Epizootik Bürodur. Siz təsəvvür eləyin ki, bu beynəlxalq təşkilatın 6 milyard dollar büdcəsi var. Həmin konfransda biz də çıxış etdik. Bu pullardan nə qədər çox alsaq, Azərbaycanın baytarlıq sahəsində quş qripindən tutmuş bütün xəstəliklərin qarşısını ala bilərik. Yəni iş gedir. Hamı əlini yanına salıb durmamalıdır, iş görməlidir.
Bu günlərdə bütün MDB dövlətləri tərəfindən fitosanitariya nəzarəti ilə əlaqədar böyük konfrans keçirilmişdir, mən orada da iştirak eləmişəm. Bunun da büdcəsi var. Azərbaycan ondan da istifadə eləyir və eləyəcəkdir də. Gələcəkdə də biz bu sahə ilə bağlı beynəlxalq təşkilatlarda iştirak edəcəyik. Pənah müəllim yaxşı dedi, mən də həmişə bu fikri ifadə eləyirəm, qanun ən azı ona görə lazımdır ki, beynəlxalq təşkilatlar, hər hansı investor əgər Azərbaycana sərmayə qoymaq istəyirsə, birinci soruşurlar, pambıq haqqında, taxıl haqqında qanun varmı? Yoxdursa, oraya sərmayə qoymurlar. Yəni qanunun mahiyyəti, predmeti budur. Biz qanunu qəbul eləmişik, bu qanun çox sanballıdır və kəndliyə ailə təsərrüfatı yaratmaq imkanı verir. Kəndlilərin həyatına çox böyük xeyir verən bir qanundur. İndi bir məmur kimisə incidirsə, bu, təbiidir. Bu, dünyanın harasında yoxdur ki? Dünyanın hər yerində var. Yəqin ki, bunların da qarşısı alınar. Mən, sadəcə olaraq, hörmətli həmkarlarıma məlumat vermək istədim. Sonra da nə sual verərlərsə, cavab verərəm. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nazim Məmmədov.
N. Məmmədov. Hörmətli millət vəkilləri, mənim bir sualım var. Müzakirə edilən qanun layihəsində Əmək Məcəlləsinin 87-ci maddəsinə təklif olunan əlavədə yazılır: “Ailə kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən sənəd bələdiyyələr tərəfindən verilən vəsiqə hesab edilir”. Mənim sualım hörmətli Əli müəllimədir. Əgər ailə kəndli təsərrüfatları dövlət qeydiyyatından keçir və hüquqi şəxs kimi qeydiyyata alınırsa, bu bəndə nə ehtiyac vardır? Bildiyiniz kimi, əmək fəaliyyətini təsdiq edən əmək kitabçaları, bizim yaz sessiyasında qəbul etdiyimiz əmək pensiyalarının verilməsi üçün insanların identifikasiyası, kodlaşdırılması o şəraitdə olmalıdır. Mənim sualımın bir hissəsinə Eldar müəllim aydınlıq gətirdi. Bir hissəsinə isə, istərdim, Əli müəllim aydınlıq gətirsin. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim 13-cü maddənin 1-ci bəndinə bir əlavəm var. Burada yazılır: “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə əlil olmuş şəxslərə və həlak olanların ailəsinə, ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara fərdi yaşayış evinin tikintisi üçün, həyətyanı sahə və bağ sahəsi üçün torpaq sahələri...” ayrılsın. Burada dəqiq göstərilməlidir. Birinci, silahlı qüvvələrdən ehtiyata buraxılanların heç birinə indiyə qədər torpaq da, ev də verilməyib. Göstərilməlidir ki, 3 və ya 5 sot verilir. Onda dəqiq bilinərdi. Elə adam var, 1 hektar alıb, eləsi var, 100 sot götürür. Birdəfəlik burada yazaq ki, ehtiyata buraxılan hərbçilərə, əlillərə və müharibədə həlak olanların ailələrinə fərdi ev tikmək üçün 5 sot sahə ayrılır. Torpaq yoxdursa, bunu pulla əvəz eləyək. Misal üçün, həmin torpağın hər sotu neçəyədirsə, bazar qiyməti ilə torpaq götürsün. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən birinci iclasımızda üzrlü səbəbdən iştirak edə bilməmişəm. Payız sessiyasında, doğrudan da, Milli Məclisdə görüləcək işləri təqdirəlayiq hesab edirəm. Milli Məclis nəinki deputatların, ümumiyyətlə, Azərbaycan Respublikasının simvoludur. Belə gözəl təmirdən sonra binanın deputatların sərəncamına verilməsi nəinki Azərbaycanda, ümumiyyətlə, beynəlxalq təşkilatlarda, ayrı-ayrı qurumlarda, ictimaiyyət arasında da böyük hörmətlə qarşılanıb. Azərbaycanın dövlət strukturunun atributu məhz belə olmalıdır. Məhz ona görə də bu işdə zəhmət çəkənlərə, başda Oqtay müəllim olmaqla, öz seçicilərim adından təşəkkürümü bildirirəm.
Müzakirə olunan məsələ ilə bağlı onu demək istəyirəm ki, vacib, zəruri bir məsələdir. Əksəriyyətimiz Milli Məclisə kənd rayonlarından deputat seçilmişik. İnsanların həyatı ilə bağlı bir məsələdir. Ona görə də deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.
Bir neçə məsələyə xüsusi münasibətimi bildirmək istəyirəm. Məndən qabaq həmkarım Pənah Hüseyn bir sıra məsələlərə toxundu. Bəzən deyirdilər ki, Pənah Hüseynin kənd təsərrüfatının bəzi sahələrindən başı çıxır. Amma bu çıxışında mən gördüm ki, onun kənd təsərrüfatından, ümumiyyətlə, xəbəri yoxdur. Bu 10 ildə Azərbaycanın keçdiyi yol, aparılan torpaq islahatı, kənd təsərrüfatında olan imkanlar Azərbaycanın iflası kimi görünürsə, daha mənim deməyə başqa sözüm yoxdur. Əgər taxılçılıq və ya kənd təsərrüfatının digər sahələrinin statistik göstəricilərinə nəzər salsaq, görərik ki, nə qədər böyük inkişaf var.
Bir şeyi xatırlatmaq istəyirəm, Pənah Hüseynin Baş nazir olduğu dövrdə kənd təsərrüfatı müşavirəsi keçirirdilər. O vaxt mərhum Prezident Əbülfəz Əliyev çıxış elədi, dedi ki, pambıq özünüzündür, istəyirsiniz yığın, istəyirsiniz yığmayın. İndi Azərbaycanın kənd təsərrüfatı, görün, hansı səviyyəyə gəlib çıxıb və buna da müxtəlif fikirlər söyləməyə başlayıblar.
Mən faktlar əsasında demək istəyirəm. Torpaqla, kənd təsərrüfatı ilə məşğul olan insanlar 9 növ vergidən azad olunublar. Əlavə dəyər vergilərindən azad olunublar. Halbuki başqa sahədə çalışanlar 13-18 faiz vergi ödəyirlər. Kənd təsərrüfatında çalışanlara 10 ildən artıq bir müddət ərzində pulsuz və ya güzəştli qiymətlərlə yanacaq verilib. Keçən ildən etibarən güzəştli yanacaq verilməsi dayandırılıbdır. Digər sahələrdə artıq aqrolizinqlər yaranır. Gübrələrin gətirilməsində problem vardı. Artıq onlar dövlət tərəfindən maliyyələşdirilir və gətirilir. Şərait yaradılır ki, hər rayonun özündə gübrə alınsın və sərf olunsun. İndi problemlər ortaya çıxır. Təbii ki, bunlar su ilə, quraqlıq ilə bağlıdır. Ola bilər ki, nə isə olsun.
1992-ci ildə Azərbaycanın taxılla bağlı problemləri var idi. Bütün millət gözləyirdi ki çörək qıtlığı olacaq. Səhər kimsə çörək alıb evinə aparırdısa, özünü ən xoşbəxt insan hesab edirdi. Bu gün Azərbaycan 2 milyon tondan artıq taxıl istehsal eləyir. Budur iqtisadi islahatın nəticəsi. Budur kəndli (fermer) təsərrüfatına göstərilən diqqət. Müəyyən problemlər ola bilər. Kreditlə bağlı problemlər var. Amma kreditdən istifadənin bir fəlsəfəsi var. Bizim fermerlər buna uyğunlaşmalıdırlar. Ola bilər, hansısa nadürüst bank işçisi krediti verərkən təmənna güdür. Amma, birinci, biznes plan hazırlanmalıdır. Hansı işi görməlisən. Elə gəldim, gördüm, salam verdim, mənə kredit lazımdır, açdılar kassanı, mənə kredit verdilər. Bu cür kredit sistemi olmur. Bir dəfə 1990-cı ildə olmuşdu, onda hərə getdi bir maşın aldı, ya oğluna toy elədi, ya da ev tikdi və bundan sonra hamı bu dövlətə borclu oldu. İndiyə qədər həmin adamları axtarırlar ki, gəlib krediti qaytarsınlar, qaytara bilmirlər. Dövlət kredit verirsə, bunun qarantiyası olmalıdır. Bu adam dövlətə qarantiya verməlidir ki, krediti qaytarmaq imkanı və ya hər hansı potensialı var. Yoxsa qonşusuna borcludur, gəlib dövlətdən kredit alıb qonşunun borcunu qaytarmaq istəyir ki, onunla münasibətləri gərginləşməsin. Dövlətə borcu olsa, hay-küy salacaq, başqa-başqa vasitələrlə bu kreditdən yayınacaq. Ona görə də bu məsələyə ikitərəfli yanaşmaq lazımdır. Əgər kimsə kreditdən istifadə etmək, güzəştli kredit götürmək istəyirsə, biznes planı hazırlamalı və borcu qaytarmaq imkanına malik olduğunu sübut edən sənədlər təqdim etməlidir.
Torpaqların böyük əksəriyyətindən fermerlər istifadə etmirlər, torpaq başqa-başqa insanlara icarəyə verilir. Artıq torpağın alğı-satqısı başlayıb, bir çox yerlərdə torpaq bazarları yaranıbdır, torpaqların icarəyə götürülməsi və ya istifadəsi prosesi gedir. Bu gün artıq Azərbaycanda kənd təsərrüfatı məhsullarının bolluğu yaranıbdır. Qarşımızda məsələ qaldırmırlar ki, həmin məhsul yoxdur. Qarşımızda məsələ qaldırırlar ki, emal müəssisələri açılsın və ya məhsulları satmaq üçün dövlət bazar müəyyənləşdirsin və ya xaricə çıxış yaratsın. Biz bu problemlərlə qarşılaşmışıq. Bunlar da iqtisadi islahatların nəticəsidir. Ona görə də biz hamımız kəndli (fermer) təsərrüfatlarının genişləndirilməsinə, onlar üçün bütün şəraitin yaradılmasına köməklik göstərməliyik. Hər hansı problem varsa, fərdi və ya kollektiv qaydada bunlar həll edilib aradan qaldırılmalıdır. Görülən işin üstünə kölgə salmaq və ya qara yaxmaqla məşğul ola bilmərik. Ona görə də mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Hesab edirəm, bununla biz ailə (fermer) təsərrüfatına böyük köməklik göstərmiş olarıq. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli Sədr, müzakirələrin gedişi bir daha göstərir ki, ailə kəndli təsərrüfatı, bütövlükdə kənd təsərrüfatı problemi gündəmdə olan məsələdir. Bu gün həmin problem cəmiyyətin bütün təbəqələrini düşündürür. Amma bugünkü müzakirənin mahiyyətindən biz kənara çıxırıq. Nəyə görə? Əslində, “Ailə kəndli təsərrüfatı haqqında” Qanun bir neçə müddət bundan öncə qəbul olunub və indi biz bunun tətbiqi ilə bağlı digər qanunlara bu və ya digər düzəlişlər edirik.
Sosial sığorta ilə bağlı demək istəyirəm. Bilirsiniz ki, kənddə yaşayan əhalimizin böyük qismi pensiyadan məhrum idi. Onlar sosial müavinət almaq dərəcəsinə çatırdılar. Bu da ailə gəlirlərinə böyük təsir edirdi. Təsəvvür edin ki, indi 2 faiz sığorta haqqı ödəyən adam 100 faiz pensiya alacaq. Bu, kəndlərdə böyük rezonans doğurur. 2 manat ödəyən adam ayda 100 manat pensiya ala biləcək. Bu çox yaxşı bir məsələdir. Bunun hesabına dövlət büdcəsində külli miqdarda vəsait Sosial Müdafiə Fonduna transfer olacaq. Kəndli (fermer) təsərrüfatından Sosial Sığorta Fonduna indiyə qədər vəsait köçürülməyibdir. Belə olan təqdirdə bunu dövlət büdcəsi öz üzərinə götürəcək. Bu çox önəmli haldır, biz bunu təqdir eləməli və bu layihəyə səs verməliyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hadi müəllim çox düzgün dedi. Bu qanun layihəsindən danışmaq lazımdır. Biz qanunun müzakirəsindən istifadə eləyib fikirlərimizi başqa-başqa istiqamətlərə yönəldirik. Çıxışa yazılanlardan 3 nəfər qalıb. Təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda davam edək. Fəzail İbrahimli, buyurun.
F. İbrahimli. Təbii ki, mənim təkidim qanun layihəsi ilə bağlıdır. Bu qanuna tərəfdaram və səs verəcəyəm. Ancaq hesab edirəm ki, bu qanun çox böyük əhəmiyyətə malikdir. Nə mənada? Sovet hakimiyyətinin bütün tarixində həll edə bilmədiyi məsələ kənd təsərrüfatı məsələsi olub. Kosmosa uçduq, nüvə silahına malik olduq, ancaq kənd təsərrüfatı məsələsini həll edə bilmədik. Ona görə də ölkənin iqtisadi potensialı təkcə onun sənayesi ilə deyil, kənd təsərrüfatının qüdrəti ilə ölçülür. Bu mənada belə qanunların mütəmadi qəbul olunması və yerinə yetirilməsi vacibdir və biz bunu qəbul eləməliyik. Qanunun mahiyyəti təkcə orada olan irad, nöqsanlarla deyil, hansı məmurun əlinə düşməsi və qanuna hansı münasibət göstərməsindən daha çox asılıdır.
Bir məqamı demək istəyirəm. Burada qanunun adı ilə bağlı söhbət getdi. Oqtay müəllim, “ailə kəndli təsərrüfatı haqqında” deyəndə, mahiyyət bizə çatır, söhbət kəndli ailəsinin təsərrüfatından gedir. Amma Azərbaycan dilində “ailə kəndli” ifadəsi yoxdur. “Ailə təsərrüfatı”, “kəndli təsərrüfatı” var. Bu, dil qüsurudur. Bu formada, ola bilsin ki, qəbul ediləcək. Bunun aradan qaldırılması üçün iki xırda məqam var. Birinci, “ailə kəndli təsərrüfatı” deyiləndə qüsur aradan götürülür. İkinci, “ailə” sözündən sonra “kəndli” sözü mötərizəyə alınır və bununla da dəqiqləşdirilir ki, söhbət kəndlidən gedir. Qanun dil baxımından dürüstləşdirilir. Hesab edirəm, dilçilər fikrimi dəstəkləyərlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. İkram İsrafilov.
İ. İsrafilov. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli həmkarlarım! Bu məsələ ilə bağlı çıxış etmək fikrim yox idi, ancaq kənd rayonlarından millət vəkili seçilən hörmətli həmkarlarımın və hörmətli Məjlum müəllimin çıxışlarında səsləndi ki, hazırda kənd rayonlarında insanların əsas məşğuliyyəti taxıl səpini ilə bağlıdır. Əgər ailə kəndli təsərrüfatı ilə bağlı qanunlara müəyyən əlavə və dəyişikliklər nəzərdə tutulubsa, bu məsələlər də aktual problem kimi qaldırılsın. Hörmətli Oqtay müəllim, mən bir həftə olar, rayondan, Şəkinin Bideyiz kəndindən gəlmişəm. Bizim kəndin əhalisinin min hektara yaxın torpaq payı var. Bu torpaqların 10 faizində bütövlükdə yay şumu olmamışdır. Artıq səpin başlayıb. Yəni bu problem ciddidir. Məsələn, 4 kənddə, elə Məjlum müəllimin yaşadığı kənddə torpaqların 10 faizi əkilməmişdir.
İnsanların problemlərini burada cəsarətlə qaldırmaq lazımdır. Məmur özbaşınalığı varmı, nədən kreditlər verilmir, niyə insanlar torpaqlarını əkə bilmirlər? 4 ay ərzində bizim kənddən 84 nəfər Bakıya iş dalınca gəlib. Torpaqlar qalıb başlı-başına. Rayonlarda inkişaf var. Regionların sosial-iqtisadi inkişafı ilə bağlı proqram qəbul olunub. Şəkinin mərkəzindən yuxarıya qədər küçələr asfaltlanıb, rənglənib. Ancaq 3 kilometr kənarda vəziyyət ürəkaçan deyildir. Bunlardan danışmaq lazımdır. İnkişafı biz də alqışlayırıq. Oqtay müəllim sağ olsun. Biz müxalifətçilər də belə işlərin tərəfdarıyıq. Ancaq bizə səs verən insanlar da bir balaca yaxşı yaşamaq istəyirlər. Ona görə mən, Eldar müəllim, Sizdən bir daha xahiş edirəm. Uğurlar var, konfranslarda iştirak etmək lazımdır, ancaq insanların problemləri ilə aidiyyəti orqanlar ciddi məşğul olmalıdırlar. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, “ailə kəndli təsərrüfatı” ifadəsi dövlət dilində deyil. Qrammatik baxımdan heç nə ifadə eləmir. Fəzail müəllimin dediyi fikirlə razıyam. O, daha əhəmiyyətli bir məsələ qaldırdı. Onun üzərində dayanmağa dəyər. Azərbaycan artıq böyük neft gəlirləri əldə eləyən, neft ixrac eləyən ölkəyə çevrildi. Bunun müsbət tərəfləri də var. Mənfi tərəfləri bəlkə ondan da çoxdur. İki ölkə yalnız bundan xeyir görə bilib. Biri Norveç, digəri İngiltərədir. Qalan ölkələrin hamısına mənfi təsir eləyib. Neft ixrac eləyən ölkələrin, son 30-40 illik təcrübəsi, OPEK ölkələrinin, digər ölkələrin təcrübəsi göstərir ki, neft ixracına üstünlük verilməsi iqtisadiyyatın strukturuna mənfi təsir göstərir.
Bunun mənfi təsir elədiyi sahələrdən biri də kənd təsərrüfatı olub. İranın təcrübəsinə baxaq. 1970-ci illərdə aqrar islahatlar nəticəsində torpaq paylandı və o zaman Cənubi Azərbaycan kəndlisi ”Kəyan” qəzetində yazıb: “Siz torpaq verdiniz, amma bu torpaqla biz neyləyək? Nə kreditimiz var, nə gübrəmiz var”. Eyni proses indi Şimali Azərbaycanda, Azərbaycan Respublikasında gedir. Kəndli digər ölkələrə çıxıb gedir. Azərbaycan kəndləri tamam boşalıb. Rusiyaya, başqa ölkələrə gedirlər. Mən statistika gətirməyəcəyəm. 15-20 il əvvəlki rəqəmlərlə bugünkü rəqəmləri müqayisə eləyib həqiqətin harada olduğunu bilərdik. Burada əsas cəhət prinsipial yanaşmadır. Bu çox təhlükəli məsələdir. Əgər böyük neft gəlirləri əldə eləyən Azərbaycan Respublikasının hökuməti bu gəlirlərin bir hissəsini kənd təsərrüfatına yönəltməsə, kənd təsərrüfatı daha pis vəziyyətə düşəcək, sosial problemlər daha artıq şəkildə özünü göstərəcək.
Burada səsləndi, həqiqətən, kəndli təsərrüfatına çox böyük maddi yardım olmalıdır. Qəpik-quruşla bu məsələ düzələsi deyil. Kənd təsərrüfatının hansısa sahəsində inkişaf barədə deyilən fikirlərə mənim çox böyük şübhəm var. Kənd təsərrüfatı iflas olur. Dünyada heyvan sindromu deyilən böyük bir təhlükə haqqında onlarca kitab yazılıb. Onun ən böyük təsirləri kəndli ailələrinə aiddir. Azərbaycan hökuməti də düşünülmüş, planlaşdırılmış proqramla kəndli təsərrüfatını, kənd təsərrüfatını və kəndlini qorumalıdır. Mənə elə gəlir ki, bu çox çətin bir məsələdir, böyük zəhmət tələb eləyən bir proqram olmalıdır. Bu məsələnin üstündən elə-belə keçmək olmaz.
Sədrlik edən. Hörmətli Nəsib müəllim, biz kənd təsərrüfatı proqramını müzakirə etmirdik, amma kənd təsərrüfatı haqqında proqram da hazırlanır, belə bir proqram olacaq. Sizin təklifinizdən belə çıxır ki, biz neft istehsalını, ixracatını dayandırmalıyıq. Neft gəlirləri hələ təzə-təzə gəlməyə başlayacaq, Bakı-Tbilisi-Ceyhan neft kəməri hələ təzə işləyir. Əvvəldən nə bilirsiniz ki, bu gəlirlər hara, necə yönəldiləcək, hansı proqramlar olacaq? Amma indidən belə deməyi, mən düzgün hesab eləmirəm. “Holland sindromu” haqqında hamı bilir, hamı oxuyub, amma biz imkan verməyəcəyik ki, Azərbaycanda “holland sindromu” olsun. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox üzr istəyirəm, deyəsən, söhbətin istiqamətini itirmişik. Bizim bu gün müzakirə elədiyimiz məsələ nədir? “Ailə kəndli təsərrüfatı haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədədir, qəbul etdiyimiz qanunun bəzi müddəaları ilə bağlı bundan əvvəl qəbul edilmiş qanunlara etdiyimiz dəyişikliklər haqqındadır. Başqa bir şey qəbul olunmur. Ürəklərimizi boşaltmaq istəyiriksə, gəlin, bunun adını qoyaq “ürəkboşaltma iclası”, hamının ürəyi yanır, kəndlidən hamı danışmaq istəyir. Amma burada məqsəd, məsələ, gündəlik var. Gündəlikdə belə bir müzakirə üçün predmet yoxdur axı. Çox üzr istəyirəm.
Sədrlik edən. Çox çıxışlar oldu, gündəlikdə məsələlər hələ çoxdur. Ona görə təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.09 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 7-ci məsələsi “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əlavələr edilməsi barədə” Əli Hüseynov danışacaq. Buyurun.
Ə. Hüseynov. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! İnzibati Xətalar Məcəlləsinə rəqəmlərin əlavə olunması təklif olunur. Məsələ burasındadır ki, yaz sessiyasında “Elektron ticarət haqqında” qanunvericiliyin pozulması ilə bağlı inzibati məsuliyyət müəyyənləşdirmişik və bu, İnzibati Xətalar Məcəlləsində öz yerini tapıb. Amma bu qəbildən olan işlərə baxılması məsələsi İnzibati Xətalar Məcəlləsində həll olunmamışdı. Rayon məhkəmələrinin baxdığı işlərə aid yeni maddələr - 240-1.1 və 240-1.2-ci maddələr əlavə olunur. Bu maddələrdə, qeyd etdiyim kimi, “Elektron ticarət haqqında” qanunvericiliyin pozulması məsələsi əksini tapır. Beləliklə, rayon məhkəmələrinə belə məsələlərə baxmalarını həvalə etmiş oluruq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Təklif olunur ki, layihə səsə qoyulsun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.11 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 8-ci məsələsi “Dövlət sirri haqqında” Azərbaycan Respublikası Qanununa dəyişikliklər edilməsi haqqındadır. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Bu dəyişiklik də texniki xarakterlidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, buna oxşar dəyişikliyi 2005-ci il dekabrın 23-də “Dövlət sirri haqqında” Qanunun 18-ci maddəsinə etmişdik. Bu maddə dövlət sirri təşkil edən məlumatların digər dövlətlərə verilməsi haqqındadır. Amma praktikada bəzən bu cür məlumatların beynəlxalq təşkilatlara da verilməsinin tənzimlənməsi məsələsi meydana çıxır. Hansı hallarda bu mümkündür? 2005-ci il dekabrın 23-də biz bu məsələni həll etdik. Bu maddənin adında, mətnində, müəyyən yerlərdə “beynəlxalq təşkilatlar” sözlərini əlavə etdik. Amma qanunun 4-cü və 21-ci maddələrində bu qeydlər edilməmişdi. Ona görə də həmin düzəlişlə bu məsələni həll etmiş oluruq. Hesab edirəm ki, bu qanun layihəsini qəbul etmək mümkündür.
Sədrlik edən. Çox sağ olun. Ziyafət müəllim, sözünüz yoxdur?
Z. Əsgərov. Milli Məclis Sədrinin birinci müavini, Təhlükəsizlik və müdafiə məsələləri daimi komissiyasının sədri.
Cənab Sədr, Əli müəllim tam izahat verdi, əlavəm yoxdur.
Sədrlik edən. Çıxışa yazılanlar, təkid eləmirlər?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, onda münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 17.13 dəq.)
Lehinə 85
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
“Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə əlavələr və dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirənizə verilir. Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 1999-cu il dekabrın 7-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev tərəfindən “Gömrük orqanları haqqında” Əsasnamə təsdiq edilmişdir. Ötən müddət ərzində bu əsasnamə bütövlükdə respublikada gömrük xidməti orqanlarında səmərəli fəaliyyətin təmin edilməsi üçün böyük rol oynamışdır. Təklif edilən qanun layihəsi ilə əsasnamənin 50-ci maddəsində redaktə xarakterli dəyişikliklərin edilməsi nəzərdə tutulub. Söhbət gömrük orqanından müəyyən müddət azad edilmiş vəzifəli şəxsin 3 ay müddətində sərəncamda qalması və onun əmək haqqının saxlanılmasından gedir.
109-cu maddədə təklif edilən dəyişiklik nisbətən fərqlidir. Qüvvədə olan əsasnaməyə görə gömrük orqanının vəzifəli şəxsinə hər il vəzifədən çıxdığı zaman minimum əmək haqqının 10 misli miqdarında, arvadına və ya ərinə, hər bir həddi-büluğa çatmamış ailə üzvlərinə isə minimum əmək haqqının 5 misli miqdarında kompensasiya ödənilməsi nəzərdə tutulmuşdu. Yeni qanun layihəsində təklif olunur ki, bu maddə çıxarılsın, gömrük orqanlarının vəzifəli şəxsləri hər il əsas məzuniyyətə çıxarkən onlara bir aylıq əmək haqqı həcmində müavinət ödənilməsi nəzərdə tutulur. Qanun layihəsi komissiyamızda müzakirə olunub və təklif edilib ki, Milli Məclisin müzakirəsinə çıxarılsın.
Sədrlik edən. Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Hörmətli Ziyad müəllimin çıxışına əlavəm ondan ibarət olacaq ki, deyəcəyim məsələni biz sizə məruzə etmişdik. Gündəliyin 13-cü məsələsində “Gömrük orqanlarında xidmət haqqında” Əsasnaməyə düzəliş var. Biz qanunvericilik təşəbbüsü subyekti ilə danışmışıq. Həmin düzəliş, gündəliyin 13-cü məsələsindəki 3-cü bənd indi təqdim olunan qanun layihəsinə keçirilməlidir. Sonuncu, 6-cı bənddə redaktə xarakterli iki düzəliş olmalıdır. Burada deyilir: “digər hüquq mühafizə orqanlarına işə keçdikdə, qanunvericilik, məhkəmə hakimiyyəti, yerli özünüidarəetmə orqanlarına seçildikdə”. Məsələ burasındadır ki, məhkəmə orqanlarına seçki yox, təyinat olur. Ona görə belə olmalıdır: ”qanunvericilik və ya yerli özünüidarə orqanlarına seçildikdə, hakim təyin edildikdə”. Mən bunu çıxışımda ona görə qeyd etdim ki, stenoqramda olsun. Bu məsələni biz qanunvericilik subyekti ilə razılaşdırmışıq. Çox sağ olun.
Sədrlik edən. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Mən bir-iki məsələyə toxunmaq istəyirəm. Prinsipcə etirazım yoxdur. Amma burada hesab edirəm ki, biz ayrı-ayrı əsasnamələrdə sərəncamın müddətini və bununla bağlı hansısa qaydaları müəyyən etməkdənsə, bunları Əmək Məcəlləsində əks etdirsəydik, daha yaxşı olardı. Əmək Məcəlləsində olmayan maddələrin ayrı-ayrı orqanların əsasnamələrində yer alması sonra ciddi problemlər yaradır. Bu baxımdan da mən hesab edirəm, birinci növbədə Əmək Məcəlləsində normativ maddələr olmalıdır ki, sonra əsasnamələrdə əksini tapsın. Gömrük orqanlarının vəzifəli şəxslərinin 3 aya qədər sərəncamda saxlanmasının müəyyən olunması məhz bu məcəllədə öz əksini tapmalıdır.
İkinci, tənbehlə bağlı məsələdə bir iradım var. Ümumiyyətlə, tənbehin formaları var. İşdən azad olunmanın tənbeh kateqoriyasına aid edilməsi bir qədər məntiqsiz görünür. Yəni tənbeh kimi vəzifədən çıxarıla, yaxud xəbərdarlıq oluna bilər, irad bildirilə, töhmət edilə bilər. Amma işdən çıxarılmanın bu kateqoriyadan olması heç məntiqi görünmür. Bu baxımdan onların nəzərə alınmasını xahiş edirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Mən də iki cümlə ilə fikrimi bildirəcəyəm. Birinci cümlə odur ki, kənd təsərrüfatı sahəsini bundan sonra Siyavuş Novruzova təhvil verərik. Mən öz mütəxəssisliyimi geri götürürəm. İkinci təklifim ondan ibarətdir ki, komissiyada və plenar iclasda çox ciddi müzakirə olunası məsələlərdən biri gömrükdə yaranmış vəziyyətlə əlaqədardır. Prinsipcə mən təklifə tərəfdaram, amma bunu da səsləndirməyi özümə borc bilirəm ki, adətən, “korrupsiya” və “gömrük” sözləri birgə işlənir. Çox assosiasiya olunan məsələdir. Ciddi müzakirəyə ehtiyacı var. Təşəkkür edirəm.
Sədrlik edən. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.20 dəq.)
Lehinə 90
Əleyhinə  3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Cənab Prezident tərəfindən Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi iki mühüm məsələni həll etməyə yönəlmişdir. Bilirik ki, Cinayət-Prosessual Məcəlləsinin 216-cı maddəsi ibtidai araşdırmanın harada həyata keçirilməsi məsələsini həll edir. Belə ki, ümumi müddəaya görə ibtidai araşdırma cinayətin törədildiyi yer, yəni inzibati ərazi vahidi üzrə aparılır. Bu, ümumi bir müddəadır. Amma 216-cı maddənin ikinci hissəsi müstəsna hadisələri həll edir. Belə ki, cinayət işi üzrə məhkəməyədək icraatın hərtərəfli, tam, obyektiv və vaxtında aparılması məqsədi ilə ibtidai araşdırma Baş prokurorun qərarı əsasında cinayətin törədildiyi yer, habelə şübhəli bilinən və ya təqsirləndirilən şəxsin, o cümlədən şahidlərin əksəriyyətinin olduğu yer üzrə də aparıla bilər.
Burada təklif olunur ki, Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikasının prokuroruna da bu səlahiyyət verilsin. Düşünürəm ki, bu çox düzgün bir təklifdir. Çünki bu, həmin araşdırmanın operativ və vaxtında həyata keçirilməsinə xidmət eləyərdi. Cinayət-Prosessual Məcəlləsində digər düzəlişlər də aidiyyət məsələlərini həll edir. Söhbət apellyasiya şikayətinin və kassasiya şikayətinin verilməsi səlahiyyətinin Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikası prokuroruna verilməsindən gedir. Düşünürəm ki, bu, tamamilə vaxtında düzgün təklif olunmuş məsələlərdir və bunları səs verib qəbul etmək lazımdır.
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsi ilə mən də tanış oldum. Ayrı-ayrı maddələrə “Naxçıvan Muxtar Respublikası prokuroru” sözlərinin yazılmasının və həmçinin “rayon, şəhər məhkəmələri” sözlərinin “birinci instansiya məhkəmələri” sözləri ilə əvəz edilməsini nəzərə almaqla yanaşı, Cinayət-Prosessual Məcəlləsinin 383-cü maddəsinin 2-ci hissəsinə uyğun olaraq apellyasiya protesti vermək hüququ yalnız məhkəmədə iştirak edən prokurora verilirdi və bu da təbiidir. Lakin “Prokurorluq haqqında” Qanunda sonradan dəyişiklik edilməsi işdə iştirak edən ittihamçının mövqeyi ilə razılaşmadıqda Baş prokuror və onun müavininin də protest vermək hüququ əldə etməsi ilə nəticələndi.
Mən hesab edirəm ki, işə baxılmasında iştirak etmiş dövlət ittihamçısından başqa digər şəxslərin, yəni respublikanın Baş prokurorunun rayon məhkəmələri tərəfindən çıxarılan hökmdən apellyasiya protesti vermək hüququ, praktik olaraq, məhkəmələrin müstəqilliyini məhdudlaşdırır. Bu müddəa həm də prosessual cəhətdən qeyri-məqbul sayılmalıdır.
Məhkəmədə bilavasitə sübutların araşdırılmasında iştirak etməyən şəxslər – Baş prokuror, müavini, eyni zamanda, Naxçıvan Muxtar Respublikasının prokuroru protest vermək hüququna malik olur. Belə çıxır ki, cinayətin xarakteri, ictimai təhlükəlilik dərəcəsi, cinayətin törədilməsi səbəbi və şəraiti, cinayətin mərhələləri və veriləcək cəzanın təqsirləndirilən şəxsin ailəsinin vəziyyətinə təsirindən xəbərsiz olan Baş prokuror və onun müavini, həmçinin Naxçıvan Muxtar Respublikasının prokuroru protest verir. Bu isə məhkəmələrin müstəqillik prinsipinə ziddir. Hüquqi dövlətin əsas prinsipi məhkəmələrin müstəqilliyidir və mənim fikrimcə, 383.2-ci maddənin qeyd etdiyim müddəası, yəni prosesdə dövlət ittihamını müdafiə edən prokurorun iddiası ilə razılaşmayan Baş prokurorun müavininin protest vermək hüququna malik olması müddəası bu prinsipi pozur. Belə halda məhkəmələr hökm çıxararkən müstəqil ola bilmirlər, çünki düşünürlər ki, Baş prokuror və onun müavini hökmdən protest verəcəkdir. Ona görə də cəza haqqında müstəqil qərar qəbul edə bilməyərək qəbul edəcəkləri qərarları protest vermək hüququ olan Baş prokuror və yaxud onun müavini ilə əvvəlcədən razılaşdırmağa çalışırlar. Belə razılaşmalar bütün rayon məhkəmələrinin praktikasında artıq yazılmamış bir qanuna çevrilmişdir.
Mən hesab edirəm ki, bizə təqdim edilən layihənin 2-ci bəndində bəhs edilən 283.2-ci maddədə təkmilləşdirmə aparılmaqla yanaşı, həm də toxunduğum müddəa “Prokurorluq haqqında” Qanundan və uyğun olaraq Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsindən çıxarılmalıdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Çox sağ olun. Təşəkkür edirəm, hörmətli Sədr. Mən də deputat həmkarlarımı bu düzəlişə səs verməyə çağırıram. Burada cəmi bir neçə sözün dəyişdirilməsindən söhbət gedir, qanunun mahiyyətindən yox. Qanun özü qəbul olunubdur. Söhbət ondan gedir ki, “Naxçıvan Muxtar Respublikası prokuroru” və “ərazisində Naxçıvan Muxtar Respublikası prokuroru” sözləri əlavə olunsun. Yəni Baş prokurorun protest vermək hüququ, digər hüquqları əvvəlcədən də qanunda öz əksini tapmışdı. Sadəcə olaraq, Naxçıvan Muxtar Respublikasının ərazisinin blokada şəraitində olması və orada bəzi məsələlərin operativ həlli üçün, o cümlədən Naxçıvan Muxtar Respublikası Konstitusiyasının verdiyi səlahiyyətdən irəli gələrək belə sözlərin əlavə olunması tamamilə qanunauyğundur. Mən misal göstərə bilərəm.
Bir neçə müddət bundan qabaq məhkəmələrin və ayrı-ayrı strukturların orada təmsil olunması və cinayət işlərinin baxılması ilə bağlı sənədlər orada yaşayan əhali tərəfindən çox yüksək şəkildə qarşılanıbdır, çünki onların Bakı şəhərinə gəlib-getmək imkanları məhduddur. Ona görə də belə məsələlərin yerindəcə həll olunması təqdirəlayiqdir və orada yaşayan hakimlərin hüquqlarının tam şəkildə müdafiə olunmasına və istənilən an müraciətlərə baxılmasına kömək olunmasına xidmət edəcəkdir. Hesab edirəm ki, buna səs verməli və qəbul etməliyik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Nə təklif var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.27 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 3
Səs vermədi 0
İştirak edir 89
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında qanun layihəsinə iki komissiyada - Hüquq siyasəti və dövlət quruculuğu məsələləri və İqtisadi siyasət daimi komissiyalarında baxılıb. Buyurun, Əli Hüseynov.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. “Polis haqqında”, “Prokurorluq haqqında”, “Dövlət qulluğu haqqında” qanunlara edilən əlavələr bizim komissiyaya aiddir. Cənab Sədr, biz vaxtilə “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunu qəbul etmişik. Bu qanunun 5-ci maddəsi maliyyə məsələləri ilə bağlı maddədir. Təbii olaraq respublikamızda cənab Prezidentin bəyan etdiyi siyasi iradə və həyata keçirdiyimiz işlər korrupsiyaya qarşı mübarizəyə yönəlib.
Hamımız anlayırıq ki, ölkəyə daxil olan böyük maliyyə axını, eyni zamanda, iqtisadiyyatda, maliyyə məsələlərində şəffaflıq dövlət, hüquq mühafizə orqanlarında korrupsiyaya qarşı mübarizənin gücləndirilməsini də tələb edir. Bu qəbildən “Polis haqqında”, “Prokurorluq haqqında”, “Dövlət qulluğu haqqında” qanunlarda oxşar əlavələr edilir. Bu əlavələr “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsində müəyyən edilmiş tələblərə əməl etmədikdə və həmin qanunun 9-cu maddəsində göstərilən hüquqpozmalar törədilərsə, bu zaman həmin hüquq mühafizə orqanı işçilərinin, əməkdaşlarının və dövlət qulluqçularının məsuliyyətə cəlb olunması məsələlərini özündə ehtiva edir. Bəzi məsələlər bundan əvvəlki qanuna köçürülməlidir. Digər məsələlər isə İqtisadi siyasət komissiyasına aiddir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Ziyad Səmədzadə.
Z. Səmədzadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi bizim komissiyanın da iclasında müzakirə edilib və müsbət qərarla Milli Məclisə çıxarılıb. Hörmətli Əli müəllim bu qanun layihəsinin mahiyyəti haqqında dedi. Buraya gələcəkdə vergi orqanlarında məsuliyyətin artırılması ilə əlaqədar maddə əlavə edilib. Mən də təklif edirəm, bu məsələyə müsbət münasibət bildirilsin.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.30 dəq.)
Lehinə 89
Əleyhinə 2
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin 12-ci məsələsi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqındadır. Əli müəllim, səhv etmirəmsə, bu məsələni qanunvericilik təşəbbüsü hüququnun subyekti ilə razılaşdıraraq saxladıq. Gündəliyin 13-cü məsələsi, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında Əli Hüseynov danışacaq.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi bir qədər öncə yaz sessiyasında qəbul etdiyimiz “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Ola bilər ki, bu Qanunu qəbul edərkən biz sırf texniki bir qüsura yol vermişik. İndiyə qədər “Ədliyyə işçilərinin rütbə dərəcələri haqqında” Əsasnamə qüvvədə idi, onu qüvvədən salmaq lazım idi. İndi cənab Prezidentin təklifi ilə “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanun da imzalandığına görə bu əsasnamə artıq qüvvədən düşmüş olur. Birinci məsələ bununla bağlıdır.
2-ci və 3-cü bəndlər də “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanunun tətbiqi ilə bağlıdır. Artıq həmin Qanunda, sadəcə, “rütbə” yox, “xüsusi rütbə” anlayışından istifadə etmişik. Bu sözlər adı çəkilən iki qanuna köçürülür.
Dördüncü məsələ isə “Normativ hüquqi aktlar haqqında” Qanuna edilən dəyişikliklə bağlıdır. Çox vacib bir dəyişiklikdir. Normativ hüquqi aktların üstünlüyü ilə bağlı bəzən təcrübədə meydana çıxan ziddiyyətləri həll edir. Ona görə, icazə versəniz, mətni bir daha təkrarlayardım: “Müvafiq icra hakimiyyəti orqanı qüvvədə olan normativ xarakterli aktın və ya mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktının onlardan daha yüksək hüquqi qüvvəsi olan normativ hüquqi aktlara zidd olduğunu müəyyən etdikdə həmin akta dəyişikliklər edilməsi və ya onun qüvvədən düşmüş hesab edilməsi barədə onu qəbul etmiş orqana müraciət edir”. Belə hallar bəzən təcrübədə olur. Hesab edirəm ki, normativ hüquqi aktlar arasında ziddiyyətlər, mübahisələr əmələ gəlməsin deyə, həmin aktı qəbul etmiş orqana müraciət olunması məsələsinin bu cür həlli həmin sahədə nizam-intizam yaradar.
Qeyd etdiyim kimi, 5-ci bənddə “Məhkəmə nəzarətçiləri və məhkəmə icraçıları haqqında” Qanuna edilən dəyişiklik xüsusi rütbə anlayışı ilə bağlıdır. Bu da “Ədliyyə orqanlarında xidmət keçmə haqqında” Qanunun qüvvəyə minməsi ilə əlaqədardır. Bu qədər.
Sədrlik edən. Çox sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Mənim qısa bir sualım var. Yerli özünüidarəetmə orqanlarının normativ aktlarının bülletenindən söhbət gedir. Belə bir bülleten hazırda varmı? İndiyə qədər 5 mindən artıq bələdiyyənin sənədlərinin, normativ aktlarının burada dərc olunması nə dərəcədə mümkün olacaqdır? Biz qanunu qəbul edəndə birinci növbədə onun bazasını yaratmalıyıq, sonra qəbul etməliyik. Mənim bu barədə məlumatım yoxdur, ona görə bu sualı ünvanlayıram. Xahiş edirəm, Əli müəllimin məlumatı varsa, bizi bilgiləndirsin. Sağ olun.
Sədrlik edən. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Cənab Sədr, bilirsiniz ki, Ədliyyə Nazirliyində xüsusi qurum – xüsusi idarə artıq neçə illərdir fəaliyyət göstərir və onun bülleteni də var. Mən deyə bilmərəm ki, bütün qərarlar, həqiqətən, orada dərc olunur, amma biz bülletenləri Fazil müəllimə təqdim edə bilərik, bunları bizim komissiyaya göndərirlər.
Sədrlik edən. Çox sağ olun. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətimizi bildirək.

Səsvermənin nəticələri (saat 17.35 dəq.)
Lehinə 90
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Gündəliyin 14-cü məsələsi “Korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələrin və dəyişikliklərin edilməsi barədə qanun layihəsi ilə bağlıdır. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ olun, cənab Sədr. Mən öncə çıxışımda qeyd etdim. Bu gün respublikada korrupsiyaya qarşı həyata keçirilən mübarizənin əsas hissəsindən biri də qanunvericilik bazasının yaradılması, formalaşdırılmasıdır. Bu sahədə parlament çox mühüm işlər görüb, çox mühüm qanunlar, dövlət proqramı qəbul olunub. Yaz sessiyasında cənab Prezident tərəfindən korrupsiyaya qarşı mübarizə ilə əlaqədar bəzi qanunlara əlavə və dəyişikliklər edilməsi haqqında qanun qəbul olundu. İndi həmin qanunun tətbiqi ilə bağlı Cinayət-Prosessual Məcəlləsinə əlavə və dəyişikliklər, o cümlədən Cəzaların İcrası Məcəlləsində düzəliş olunması təklif edilir. Mahiyyətinə görə buna oxşar əlavə artıq Cinayət Məcəlləsində öz əksini tapıb. İndi prosessual qanunvericiliyə bu əlavəni edirik.
Cinayət yolu ilə əldə edilmiş əmlak və ya cinayətin predmeti istifadə edildiyi, özgəninkiləşdirildiyi və ya başqa səbəblərdən dövlət nəfinə alına bilmədiyi halda həmin əmlakın dəyəri məbləğində təqsirləndirilən şəxsə məxsus olan pul və digər əmlak üzərinə həbs qoyulur. Burada məqsəd dövlət marağını qorumaq və bu əmlak üzərinə həbs qoyulması yolu ilə dövlətin nəfinə ödətdirməkdir. Məlumat üçün bildirim ki, komissiyada bu məsələ müzakirə olunub. Bütövlükdə komissiya üzvləri də bu əlavəyə tərəfdar olublar. Komissiya üzvlərindən Qüdrət müəllim “cinayətin predmeti” anlayışı haqqında fərqli fikirdədir. Cinayət Məcəlləsinə bu əlavəni edərkən işçi qrupunda fikir ayrılığı olmuşdur. Cənab Sədr, “cinayətin predmeti” anlayışının burada verilib-verilməməsi məsələsini işçi qaydasında həll etmək şərti ilə bu qanunun qəbul edilməsinə tərəfdaram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əli müəllim çox sağ olsun ki, bu məsələyə aydınlıq gətirdi. Biz yaz sessiyasında Cinayət Məcəlləsinə əlavələr və dəyişikliklər edəndə də mən qeyd etmişdim ki, düzəlişi göndərən şəxslərin, ola bilsin, cinayətin predmeti ilə bağlı tam anlayışları yoxdur. Mən bunu həm köhnə müstəntiq, həm də cinayət hüququndan mühazirə oxumuş bir şəxs kimi tam məsuliyyətlə deyirəm. “Cinayətin predmeti” anlayışını mən millət vəkillərimizə çatdırmaq istəyirəm. Bütün cinayətlərin predmetləri həbs oluna, yaxud onların əvəzi tutula bilərmi? “Cinayətin predmeti” anlayışı nədir? “Cinayətin predmeti” anlayışı qəsd obyektinin əlamətlərini əks etdirən maddi aləmin predmetləri, əşyanın dəyərləridir, onlara münasibətdə cinayətkar qəsd baş verir. Cinayətin predmeti cinayətin tərkibinin əsas və zəruri əlaməti deyil. Mən bunu ona görə deyirəm ki, stenoqrama düşsün. Bu, fakultativ əlamətdir və bütün cinayətlərdə olmur.
Misal üçün deyim. Girov götürmə Cinayət Məcəlləsinin 215-ci maddəsində əksini tapıb. Burada cinayətin predmeti, ümumiyyətlə, yoxdur. Başqa misal göstərə bilərəm. Qanunsuz silah hazırlamaq 229-cu maddədə verilir. Cinayətin predmeti partlayıcı maddənin, yaxud silahın hazırlanmasıdır. Partlayıcı maddə hazırlanıb və bundan da kimsə istifadə edib. Qanunsuz yolla hazırlanmış həmin partlayıcı maddənin dəyərini müəyyənləşdirəcəyik ki, sonradan onun əmlakına yönəldilmiş olsun. Yaxud dövlətə xəyanət cinayətində cinayətin predmetini dövlət sirri təşkil edir, məsul şəxs dövlət sirlərini xarici dövlətə ötürüb. Burada cinayətin predmeti məlumatlardır. Dövlət sirri təşkil edən məlumatların dəyəri necə müəyyənləşdirilə bilər ki, müsadirə oluna bilməyəndə həmin şəxsin əmlakına yönəldilmiş olsun?
Başqa bir misal. 245-ci maddədə qeyd olunur ki, meyit və qəbrin təhqir olunması cinayətdir. Burada əgər meyitə münasibətdə cinayət hərəkətinə yol verilibsə, meyiti istintaq orqanı müsadirə etməlidir ki, onun dəyəri cinayət törətmiş şəxsdən tutulsun? Yaxud başqa bir misal. 234-cü maddə ilə bağlı hazırlanmış zəhərli və psixotrop, narkotik maddələrin dəyəri necə müəyyənləşdiriləcək? Hər hansı bir şəxs kustar üsulla zəhərli maddə hazırlayıb. Mən bu fikirdəyəm ki, tamah məqsədi ilə mülkiyyət əleyhinə törədilən cinayətlərdə bu normanı tətbiq etmək olar. Amma bunu imperativ formada həm Cinayət Məcəlləsinə, həm də Cinayət-Prosessual Məcəlləsinə salmaq mümkün deyil. İddia haqqında bunlar birbaşa əks olunmalıdır. Bizim son dərslik 2006-cı ildə buraxılmışdır. Cinayət Məcəlləsindəki bəzi maddələrin adlarında dəyişikliklər var. Kim maraqlanır, qaldırsın, baxsın. Oxusun ki, cinayətin predmeti nədən ibarətdir? Bütün cinayətlərdə cinayətin predmeti olurmu, bütün cinayətin predmetlərini müsadirə etmək mümkündürmü? Ona görə də Bakı Dövlət Universitetinin Cinayət hüququ kafedrasının müəllimlərini dəvət edək, gəlib bu məsələyə aydınlıq gətirsinlər.
Biz keçən dəfə bu məsələni burada müzakirə edəndə, Əli müəllim, mən, Respublika Prokurorluğunun nümayəndəsi ilə qonşu otaqda bu məsələni müzakirə etdim. Onlar söz verdilər ki, bu məsələyə təkrar qayıdacaqlar. Amma bir vaxt gördüm ki, mətbuatda dərc olundu və Cinayət Məcəlləsinə də artıq bu dəyişikliklər edilib və qüvvəyə minib. Ona görə mən istəmirəm ki, bizim hüquq mühafizə orqanları üçün belə problemlər yaratmış olaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli müəllim.
Ə. Hüseynov. Cənab Sədr, mən artıq çıxışımda qeyd etdim, predmet anlayışına Qüdrət müəllimin yanaşma tərzi belə idi. Bu, ancaq korrupsiya cinayətləri ilə bağlı ola bilər. Biz keçən dəfə bunu geniş müzakirə etdik. Amma nəticə etibarı ilə hər iki tərəfin öz dəlili oldu. Dəlillər də məntiqli idi və qanunvericilik təşəbbüsünün subyekti razılaşdırılmalıdır. Ona görə Cinayət Məcəlləsində bu cür qəbul olundu. İndi onun qüvvəyə minməsi ilə bağlı buraya əlavə olunması təklif edilir. Mən söz verə bilərəm. Yəni mahiyyət baxımından Qüdrət müəllimin belə bir qanunun qəbul olunmasına etirazı yoxdur. Ancaq söhbət “cinayətin predmeti” anlayışına fərdi yanaşmadan gedir. Ona görə də hesab edirəm, qanunu qəbul edə bilərik. Mən “predmet” sözünün ancaq korrupsiya ilə bağlı cinayətlərə aid olması, Cinayət-Prosessual Məcəlləsində bütün cinayətlərlə bağlı olmaması məsələsini qanunvericilik təşəbbüsü subyektinin nəzərinə bir daha çatdıra bilərəm. Təbii ki, razılaşsalar, məlumat verə bilərəm. Ancaq keçən dəfə bu razılıq əldə olunmamışdı.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 17.43 dəq.)
Lehinə 80
Əleyhinə 7
Bitərəf 3
Səs vermədi 1
İştirak edir 91
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsi Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında əsasnamənin layihəsidir. Səməd Seyidov.
S. Seyidov, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının sədri.
Çox sağ olun, cənab Sədr. Bu həddindən artıq vacib və əhəmiyyətli əsasnamənin təsdiqi ilə bağlı Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyası öz iclasını keçirmiş və müsbət bir rəy formalaşmışdır. Xarici ölkədə pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportların etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının Azərbaycana qayıtması üçün çox vacib və əhəmiyyətli bir sənəddir. Bu, yalnız Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasında yox, İnsan hüquqları daimi komissiyası ilə də çox bağlı və əhəmiyyətli bir əsasnamədir. Ona görə, təbii, biz Rəbiyyət xanımla birgə bu məsələni araşdıraraq öz müsbət münasibətimizi komissiyada bildirmişik. İstərdim, Rəbiyyət xanım da münasibətini bildirsin. Bizim komissiyanın münasibəti müsbətdir. Sağ olun.
Sədrlik edən. Çox sağ olun, bu əsasnaməyə İnsan hüquqları daimi komissiyasında da baxılıb. Rəbiyyət xanım, buyurun.
R. Aslanova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti öz qanunvericilik təşəbbüsü hüququndan istifadə edərək Milli Məclisə “Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydaları haqqında” Əsasnamə təqdim etmişdir. Həmin layihəyə görə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir.
Nəzərinizə çatdırmaq istərdim ki, Azərbaycan Respublikasının Milli Məclisi 21 aprel 2006-cı il tarixində “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinə aşağıdakı məzmunda ikinci və üçüncü cümlələri əlavə edib: “Xarici ölkədə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının ölkəyə qayıtmaq hüququ Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi əsasında həyata keçirilir. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin forması və həmin şəxsə verilməsi qaydası Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilir”. Bu gün həmin əsasnamə təsdiq olunmaqla biz mövcud problemi həll edirik. Məsələ burasındadır ki, həmin sənəd vacib sənəddir və hər birimizin qarşılaşa biləcəyimiz bir vəziyyətin, xoşagəlməz halın aradan qaldırılması üçün hazırlanmış bir sənəddir. Azərbaycan vətəndaşları bu gün dünyanın bütün ölkələrində olurlar. Ola bilər ki, belə bir vəziyyətin aradan qaldırılması üçün məhz həmin şəhadətnamənin xarici ölkələrdə mövcud olan diplomatik nümayəndəliklər və konsulluqlar tərəfindən verilməsinin vacibliyi əsasnamədə öz əksini tapıb.
Ümumiyyətlə, biz “pasport” deyəndə nəyi nəzərdə tuturuq? Əsasən, “pasport” dedikdə, Azərbaycan Respublikası tərəfindən verilmiş ümumvətəndaş, xidməti, diplomatik, bir də dənizçi kitabçası nəzərdə tutulur. Bu əsasnamə Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsinin verilməsi qaydasını müəyyən edir və əsasnaməyə görə qayıdış şəhadətnaməsi Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvəqqəti xarakterli rəsmi sənəddir. Şəhadətnamə ciddi hesabat sənədi hesab edilir və Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və konsulluğu tərəfindən verilir. Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və yaxud konsulluğu olmayan ölkədə pasportunu itirmiş və ya pasportu oğurlanmış, yararsız hala düşmüş, pasportunun etibarlıq müddəti bitmiş Azərbaycan Respublikası vətəndaşının şəhadətnamə ilə təmin edilməsi Azərbaycan Respublikasının müvafiq icra orqanı tərəfindən bu ölkədə Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər dövlətin diplomatik nümayəndəliyi və konsulluğu tərəfindən həyata keçirilir.
Şəhadətnamənin alınması üçün əsasnaməyə əlavə edilmiş forma üzrə doldurulmuş Azərbaycan Respublikasının diplomatik nümayəndəliyinə və konsulluğuna təqdim edilən və qeydiyyata alınan ərizə, anket və bir sıra sənədlərin və ya onların surətlərinin əlavə edilməsi də nəzərdə tutulur. Həmin sənədlərin siyahısı bu əsasnamənin 7.1 və 7.5-ci maddələrində göstərilib. Bu sənədlər təqdim edildikdən sonra şəhadətnamə vətəndaşın müraciəti qeydiyyata alındığı vaxtdan ən geci 3 təqvim günündə verilməlidir. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyətini təsdiq edən müvafiq sənədlər mövcud olmadıqda Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və konsulluğu vətəndaşın özü barəsində təqdim etdiyi məlumatın düzgünlüyünün yoxlanılması məqsədi ilə Azərbaycan Respublikasının müvafiq icra orqanına sorğu göndərir və 7 təqvim günündən çox olmamaq şərti ilə sorğunun icrası ilə bağlı müvafiq yoxlamalar və əldə olunmuş nəticələr barədə məlumatlar əldə edilir.
Layihəyə görə Azərbaycan Respublikasının vətəndaşı şəhadətnaməni Azərbaycan Respublikasının ərazisinə qayıtdığı vaxtdan 10 gün ərzində ona pasport vermiş dövlət orqanına təhvil verməyə borcludur. Əsasnamədə şəhadətnamə verilməsindən imtinaya Azərbaycan Respublikasının vətəndaşı özü barədə bilərəkdən yanlış məlumat verdiyi halda yol verilir və bu barədə təkcə Azərbaycan Respublikasının vətəndaşına yazılı cavab verilməsi nəzərdə tutulur. Əsasnaməyə görə imtina haqqında qərardan vətəndaşın qanunvericiliklə müəyyən edilmiş halda şikayət verə bilməsi də nəzərdə tutulur. Vətəndaş şəhadətnamənin itirilməsində və ya qəsdən korlanmasında, habelə bu əsasnamənin tələbinə zidd olaraq şəhadətnamənin verilməsindən əsassız imtina edildikdə, şəhadətnamənin verilməsi üçün nəzərdə tutulmayan əlavə sənədlər tələb edildikdə və onun verilməsində süründürməçiliyə yol verildikdə təqsirkar şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.
Qanun layihəsi İnsan hüquqları komissiyasında müzakirə edilərkən deputat həmkarlarımızın, həmçinin Xarici İşlər Nazirliyinin rəy və təklifləri olmuşdur. Bu rəy və təkliflərlə sizi tanış edirəm. İlk növbədə xarici işlər nazirinin müavini Vaqif Sadıqovun göndərdiyi rəylə deputat həmkarlarımı tanış etməklə onlarda sonradan yaranacaq fikirləri bu istiqamətə yönəltmək istərdim. Məsələ burasındadır ki, şəhadətnamənin nümunəsi hər birimizdə var, amma əsasnamənin özündə belə bir müddəa yoxdur. Yəni Azərbaycan Respublikası vətəndaşı ilə birgə Azərbaycan Respublikasına qayıdan 18 yaşına çatmayan vətəndaşlarımıza şəhadətnamənin verilməsi əsasnamədə nəzərdə tutulmayıb. Halbuki bu, şəhadətnamənin özündə var. Mənə elə gəlir ki, bu, kifayət qədər vacib məqamdır, çünki əks təqdirdə həmin şəxslərin Azərbaycana qayıtması məsələsində müəyyən çətinliklər yarana bilər.
Sonra, digər bir məsələ - Azərbaycan Respublikasının diplomatik nümayəndəliyi və konsulluğu olmayan xarici ölkələrdə pasportunu itirmiş, pasportu oğurlanmış və ya yararsız hala düşmüş insanların gələcək taleyi məsələsi layihənin 5-ci maddəsində əksini tapıb. Bir də müvafiq diplomatik nümayəndəliklər və konsulluqlarla razılaşma məsələsi var. Biz də Xarici İşlər Nazirliyinin tövsiyəsi ilə razıyıq. Buraya bir cümlə əlavə edilməlidir. “Bu ölkədə Azərbaycan Respublikasının mənafeyini” sözlərindən sonra “ikitərəfli və çoxtərəfli beynəlxalq müqavilələrlə müəyyən edilmiş qaydada” sözləri əlavə edilməlidir.
Layihədə bir məqam da var. 7.1-ci maddədə həmin xarici ölkədə müəyyən səlahiyyətli dövlət orqanlarına müraciət olunmasını təsdiq edən sənəddən bəhs edilir. Əgər xarici ölkədə sənəd itibsə, Azərbaycan Respublikasının vətəndaşı mütləq həmin ölkənin müvafiq orqanlarına müraciət etməlidir. Həmin müraciətə cavab verilməsi bir-iki ay çəkə bilər. Xarici ölkədə buna nə vaxt cavab veriləcək? Nəticədə həm xaricdə olan vətəndaşlarımız, həm də orada konsulluqda, diplomatik korpusda fəaliyyət göstərən əməkdaşlarımız üçün çətinlik yaranır. Hesab edirəm ki, bütün bunlar olmamalıdır.
Sonra, bir məqamı da nəzərinizə çatdırıram. 7.4-cü maddədə “üzərində fotoşəkil olan aşağıdakı sənədlərdən biri - Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi, hərbi bileti...” sözləri yazılıb. Amma biz bilirik ki, 50-60 yaşlarında olan adamların hərbi biletləri vaxtilə sovetlər dönəmində onlara verilən hərbi biletlərdir. Ona görə bu sözün qarşısında yaxşı olardı ki, “Azərbaycan Respublikası tərəfindən verilən hərbi biletlər” sözləri də yazılsın.
Daha bir məsələ də var. Bu da Azərbaycanda yaşayan və Azərbaycan Respublikasında daimi yaşamaq hüququ almış, ancaq vətəndaşlığı olmayan şəxslərin gələcək taleyidir. Bu gün Azərbaycanda 20 minə qədər belə insan var. Onlar Azərbaycandan kənara çıxıb xarici ölkələrə gedə bilərlər. Belə şəxs xarici ölkədə pasportunu itirərsə, onun geriyə qayıtmaq şansı necə olacaq? Əsasnamədə bu məsələlər də öz əksini tapsa idi, daha gözəl olardı. Həm komissiyanın fikridir, həm də Xarici İşlər Nazirliyinin verdiyi tövsiyədir ki, Azərbaycan Respublikasında daimi yaşamaq hüququ almış, vətəndaşlığı olmayan şəxslərə şəhadətnamə verilə bilər. Xüsusi qeyd olunan şəhadətnamə blankı əsasnaməyə əlavə olunmuş nümunə və müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən spesifikasiya əsasında hazırlanır. Bütün bu müddəalar bizim tərəfimizdən də müsbət qiymətləndirilir.
Bir məsələ də var. Sözsüz ki, məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə həmin diplomatik nümayəndəliklər və konsulluqlar bilavasitə Xarici İşlər Nazirliyinə müraciət edəcəklər. Mənə elə gəlir ki, “müvafiq icra hakimiyyəti orqanı” sözlərinin yerinə biz elə “Xarici İşlər Nazirliyi” yazsaq, başqa ünvanlara müraciət etməyə ehtiyac qalmaz. Hər birimiz üçün kifayət qədər vacib olan bir sənəddir. Xaricdə olarkən rastlaşmaq istəmədiyimiz bir məqamdır. Belə bir şəhadətnamənin hazırlanması insan hüquqlarının qorunmasına xidmət edəcəkdir. Mən bir də deputat həmkarlarımı bu sənədə səs verməyə və belə hallardan uzaq olmağa çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Görürəm, bu məsələyə çox fəal hazırlaşmısınız. Xarici İşlər Nazirliyinin Konsul İdarəsinin rəisi Nadir Hüseynov da buradadır. Bu qanunun vacibliyinə, mənə elə gəlir ki, heç kimin şübhəsi yoxdur. Çıxışa yazılanlar: Sabir Rüstəmxanlı, Nəsib Nəsibli, Qənirə Paşayeva.
S. Rüstəmxanlı. Mühüm bir sənəddir və bunun qəbuluna heç kimin etirazı olmayacaq. Amma bir məsələni deyim. Xaricdə sənədlərini itirmiş vətəndaşlarımızın vəziyyətini yüngülləşdirmək üçün biz bu sənədi qəbul eləyirik. Bəs öz ölkəmizdə belə bir proses var? Onun qarşısını necə almaq olar? Bu barədə sizə bir məlumat vermək istəyirəm. Rusiyada yaşayan azərbaycanlılar Rusiya vətəndaşlığını qəbul eləyib və gəlir, Bakıda ev alır, orada qeydiyyata düşmək istəyirlər. Bizim pasport sahəsində çalışanlar “Rusiya vətəndaşlığını qəbul eləmisən” deyə onun sənədini əlindən alır və qaytarmırlar. Bu pasport artıq Rusiyanın mülkiyyətidir və onun əlindən ala bilməzlər. Ya da Amerika Birləşmiş Ştatları dolları ilə müəyyən məbləğdə pul istəyir və ondan sonra yalnız həmin adamlara sənəd verirlər. Bu barədə mənə yazıblar.
Pasport sahəsində işləyən adamlar başa düşmürlər ki, Rusiyanın vətəndaşlığını qəbul eləmək həmin adamları Azərbaycan vətəndaşlığından məhrum etmir. Vətəndaşlıq haqqında qanunumuzda açıq yazılır ki, Azərbaycan Respublikası vətəndaşı başqa respublikalarda vətəndaşlığı qəbul eləmir, öz ölkəsinin vətəndaşlığını qəbul eləyir. Ona görə də istərdim ki, bu sahədə aydınlıq yaradılsın və vətəndaşlarımızın Azərbaycanda üzləşdikləri biabırçılığın qarşısını almaq üçün müəyyən sənəd hazırlansın. Xaricdə, xüsusən Rusiyada yaşayan azərbaycanlıların burada üzləşdikləri bu halların aradan qaldırılmasına Milli Məclis müəyyən şəkildə yardım etməlidir. Konkret bu sənədə gəldikdə, ancaq 77.4-cü maddə ilə bağlı iradım var. O da bundan ibarətdir ki, orada tələb olunan sənədlərin heç biri vətəndaşda olmaya bilər. Onda həmin vətəndaş nə edəcək? Güman edirəm ki, pasportunu və ya hər hansı sənədini itiribsə, onda onun əvəzini almaq üçün əlavə 3-4 sənəd də tələb etmək lazım deyil. Sadəcə, bir az asanlaşdırmaq lazımdır. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Sabir müəllim, bizim ikili vətəndaşlıq haqqında qanunumuz yoxdur.
R. Aslanova. Çox sağ olun, Oqtay müəllim. Mən cavab verim. Düz deyirsiniz, bizdə ikili vətəndaşlıq yoxdur və Rusiya vətəndaşlığını qəbul edən azərbaycanlının gəlib burada ev, torpaq sahəsi almaq üçün imkanı, ixtiyarı var. Kifayət qədər azərbaycanlı Rusiyada ev, mülk alır. Sabir müəllim, Siz nədənsə təsadüflərdən nəticə çıxarırsınız. Çətin bir məqamı Milli Məclisə çıxarıb və bununla da polis orqanlarına, orada çalışan zəhmətkeşə, əsil vicdanlı insanların fəaliyyətinə kölgə salmaq istəyirsiniz. Buna son qoymaq lazımdır. Bu gün elə bir sənədi müzakirə eləyirik.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sabir müəllim, Siz danışdınız, qulaq asdıq. Söz bu məsələ haqqında məruzə edən komissiya sədrinə verilib.
R.Aslanova. Mən elə hüquq dilində danışıram. Nədənsə, Milli Məclisdə Sizin gətirdiyiniz misalların hamısı təsadüflərlə bağlıdır. Təsadüfdən nəticə çıxarırsınız və ümumiləşdirirsiniz.
Yerdən. (Eşidilmir.)
R. Aslanova. Çox sağ olun. Bu da bizim Azərbaycan xalq yazıçısının gözəl ifadələri. Sabir müəllim, xahiş edirəm, bir balaca hərəkətlərinizə fikir verin. Mən Sizə elə söz deyə bilərəm ki, dəymişiniz dura-dura, kalınız tökülər.
Sədrlik edən. Lüzumsuz söhbətlər aparmayın. Xahiş edirəm, bir-birimizə hörmət eləyək. Burada hamımız millət vəkiliyik, bizə xalq baxır. Təklif var, səsə qoyulsun. Buyurun, münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 18.01 dəq.)
Lehinə 85
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 89
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Biz günün ikinci yarısında Azərbaycan Respublikası Milli Məclisinin Fransa Respublikası Milli Məclisinə müraciətini sizin üçün oxuduq. Heç bir əlavə təklif olmadı. Buyurun, Səfa müəllim.
 
S.Mirzəyev, Milli Məclis Aparatının rəhbəri.
Təşəkkür edirəm, cənab Sədr. Müraciətin layihəsi oxunandan sonra Milli Məclisin Aparatına Məlahət xanım Həsənovanın və Azay Quliyevin adından təkliflər daxil olmuşdur. Təkliflərin məzmunu ondan ibarətdir ki, birinci abzasdan sonra dünyada baş verən proseslərə nəzər salınsın və beynəlxalq təhlükəsizlik, dinlər və mədəniyyətlər arasındakı dialoq məsələsinə toxunulsun. Ondan başqa müraciətdə eşitdiyimiz kimi, erməni soyqırımı “ehtimal olunan” adlandırılıb. Təklif verilir ki, “qondarma erməni soyqırımı” sözləri səslənsin.
Təklif olunur ki, biz Fransa Respublikasının Milli Məclisinə bu məsələnin gündəlikdən çıxarılmasını təklif edək. Üçüncü təklif bir qədər gecikmişdir, çünki onların gündəliyi artıq təşkil olunub və bu məsələ gündəlikdən çıxarıla bilməz. Ancaq birinci və ikinci təklifləri müraciətə daxil etmək olar. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Etiraz yoxdur. Biz dedik ki, ultimatum qoymuruq, müraciət edirik və nəticəsini gözləyirik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.04 dəq.)
Lehinə 86
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Bununla da bu gün iclasın işini bitmiş elan edirəm. Sağ olun. 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi