2006-ci il 7 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  25

Milli  Məclisin  iclas  salonu.
7  noyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 112 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qacqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Abid Şərifov, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Fazil Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Nizaməddin Rzayev, “Azərsu” Səhmdar Cəmiyyətinin prezidenti.
Etibar Pirverdiyev, “Azərenerji” Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, “Azəriqaz” Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Namiq Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Ağabala Hacıyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının rəhbəri.
Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikası fövqəladə hallar nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Abdullayev, Azərbaycan Respublikası Milli Bankının departament rəisi.
Rəşad Qulamov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.

***

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanılmışdır.


 Azərbaycan  Respublikası
 Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

7 noyabr 2006-cı il. Saat 12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin
Sədri  O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Hörmətli cənab Baş nazir və hökumət üzvləri, hörmətli deputatlar! Xanımlar və cənablar!
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çox ağıllı və uzaqgörən siyasəti Azərbaycanın tarixində görünməmiş inkişafı və yüksəlişi ölkə həyatının gündəlik reallığına çevirmişdir. Xalqımızın maraqları və tələbatı üzərində qurulan sosial-iqtisadi inkişaf kursu həqiqi bəhrələrini verir. Azərbaycan geniş bir bölgənin ən perspektivli dövlətləri sırasına çıxmışdır. Ölkə iqtisadiyyatı dünyada analoqu olmayan yüksək sürətlə inkişaf edir.
Bildiyiniz kimi, cənab İlham Əliyevin Prezident kimi fəaliyyətə başlamasının üç ili bu günlərdə tamam oldu. Bu üç il xalqımız və dövlətimiz üçün son dərəcə uğurlu dövr olmuşdur. İqtisadiyyatın inkişafını səciyyələndirən əsas göstərici – ümumi daxili məhsul 1,8 dəfə artmış, üç il ərzində dövlət büdcəsinin gəlirləri və xərcləri 3 dəfədən çox yüksəlmişdir.
Azərbaycanın valyuta ehtiyatları 3 milyard ABŞ dollarını keçmişdir. Ölkədə 470 min iş yeri açılmış, əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə yönələn mühüm tədbirlər görülmüşdür. Bütün bunlar bir daha göstərir ki, Azərbaycanın xoşbəxt gələcəyi möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən həyata keçirilən inkişaf strategiyası ilə bağlıdır.
Ölkədə aparılan quruculuq işləri, iqtisadi yüksəliş 2006-cı ildə daha geniş vüsət almışdır. Ötən 9 ayda iqtisadiyyatın artımı 34 faiz təşkil etmişdir. Sənaye potensialı möhkəmlənmiş, bu sahədə artım 40 faiz olmuşdur. Bu dövrdə iqtisadiyyata təqribən 5 milyard ABŞ dolları həcmində investisiya qoyulmuşdur. Ölkəmizin iştirak etdiyi nəhəng iqtisadi layihələr artıq reallığa çevrilib və çevrilməkdədir. Bu nailiyyətlər 2007-ci ilin dövlət büdcəsinin daha sanballı tərtib olunmasına imkan yaratmışdır. Ölkəmizin iqtisadi qüdrətinin sürətli artımını nümayiş etdirən dövlət büdcəsi möhkəm sosial-iqtisadi təmələ əsaslanır.
Tam əminliklə söyləmək olar ki, 2007-ci il ölkə iqtisadiyyatının inkişafında yeni mərhələ açacaqdır. Ümumi daxili məhsulun 2006-cı ilə nisbətən 26 faizdən çox artacağı və onun adambaşına düşən həcminin 2,6 min manata çatacağı gözlənilir. Dövlət büdcəsinin gəlirləri 5 milyard 335 min manatı keçəcək, büdcə xərcləri təqribən 5 milyard 714 min manat səviyyəsində olacaqdır. Bu, 6 milyard 300 milyon ABŞ dollarına qədər vəsait deməkdir.
Beləliklə, dövlət büdcəsinin gəlirləri bu ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 39 faizdən çox, xərcləri isə 42 faiz artacaqdır. Bu yüksəliş ölkə iqtisadiyyatında inkişaf dinamikasının geniş vüsət aldığını göstərir. Büdcənin artımı dövlətimizin qarşısında dayanan bir çox iqtisadi və sosial problemləri həll etməyə, əhalinin rifah halını yaxşılaşdırmağa imkan verəcəkdir.
2007-ci ilin dövlət büdcəsi iqtisadiyyatın bütün sahələrində yüksəlişin davam etməsinə təminat yaradacaqdır. İqtisadi imkanlarımızın güclənməsi isə dövlətimizin siyasi və hərbi potensialının artmasına gətirib çıxaracaqdır. Bu o deməkdir ki, Azərbaycanın bölgədə və dünyada mövqeləri bir qədər də möhkəmlənəcək, beynəlxalq nüfuzu daha da artacaqdır. Silahlı qüvvələrimizin döyüş hazırlığının, kadr potensialının, maddi-texniki təminatının qabaqcıl dünya ölkələrinin səviyyəsinə qaldırılması üçün görülən tədbirlər davam etdiriləcəkdir.
Hörmətli deputatlar! 2007-ci ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər Milli Məclisin daimi komissiyalarında geniş müzakirə edilmişdir. Büdcənin keyfiyyətli tərtib olunması, şəffaflığı və vaxtında təqdim edilməsi xüsusi qeyd olunmuş və layihələr Milli Məclisin müzakirəsinə tövsiyə edilmişdir.
Komissiya sədrləri ilə keçirilmiş müşavirədə biz belə qərara gəlmişik ki, gələn ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər ardıcıl surətdə ətraflı müzakirə olunsun. Müzakirə tam başa çatdıqdan sonra layihələr səsə qoyulsun.
Milli Məclisin iclasında Azərbaycan Respublikasının Baş naziri və Baş nazirin müavinləri, hökumətin digər üzvləri iştirak edirlər. Qarşıda bizi gərgin iş gözləyir. Odur ki, gündəliyin geniş müzakirəsinin keçirilməməsini təklif edirəm.
İndi isə, hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.07 dəq.)
İştirak edir 109
Yetərsay 83

109 nəfər qeydiyyatdan keçibdir. Yetərsay var.
Xahiş edirəm, gündəliyə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 109
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 110
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi. Müzakirələrə başlaya bilərik. Dövlət büdcəsinin müzakirəsini biz maliyyə, iqtisadi inkişaf və vergilər nazirlərinin, Milli Bankın İdarə Heyəti sədrinin məruzələri və Hesablama Palatasının rəyi ilə başlamaq istəyirik. Daha sonra, müzakirələrin gedişindən asılı olaraq, digər nazirlərə, komitə sədrlərinə və deputatlara söz veriləcəkdir.
Mən hamını 2007-ci ilin dövlət büdcəsi layihəsi ilə əlaqədar müzakirələrdə fəal iştiraka dəvət edirəm. Ümidvaram ki, gələn ilin büdcəsi və büdcə zərfinə daxil olan digər sənədlər mütəşəkkil qaydada müzakirə olunub qəbul ediləcəkdir.
2007-ci il dövlət büdcəsinin layihəsi haqqında məruzə etmək üçün söz Azərbaycan Respublikasının maliyyə naziri cənab Samir Şərifova verilir.
S.Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! 2007-ci il dövlət və icmal büdcələri və büdcə zərfinə daxil olan digər sənədlər “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikası Prezidenti tərəfindən Milli Məclisə təqdim edilmişdir. 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsinə daimi komissiyalarda baxılmış və Milli Məclisin müzakirəsinə çıxarılması təklif olunmuşdur. Milli Məclisin yeni təmir olunmuş möhtəşəm salonunda keçirilən geniş iclasında təqdim olunmuş büdcə layihələrinin müzakirəsində iştirak etmək, onları əsaslandırmaq və sual doğuran məsələlərə aydınlıq gətirmək üçün aldığım dəvətə görə, hörmətli cənab Sədr, Sizə minnətdarlığımı bildirirəm.
Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il üçün dövlət və icmal büdcələri ümummilli liderimiz Heydər Əliyevin sağlığında, öz fəaliyyəti dövründə müəyyən etdiyi Azərbaycan dövlətinin müstəqil inkişaf konsepsiyasına uyğun olaraq son illər ərzində əldə edilmiş iqtisadi nailiyyətlərə söykənir. Bu sənəd ölkəmizin sosial-iqtisadi inkişaf tempinin sürətləndirilməsi, xalqın rifahının artırılması, dövlətin müdafiə qüdrətinin gücləndirilməsi, bir sözlə, Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin ölkəmizin orta və uzun müddətli prioritetlərini özündə birləşdirən siyasi və iqtisadi kursunun həyata keçirilməsi strategiyasının təmin olunması əsas götürülməklə hazırlanmışdır. Büdcə layihələrinin tərtibi zamanı ölkəmizin mövcud sosial-iqtisadi durumu təhlil edilmiş, onun orta müddətli inkişafına təsir edən amillər nəzərdən keçirilərək qarşıya qoyulmuş mühüm vəzifələrin yerinə yetirilməsini təmin edəcək maliyyə resurslarının mənbələri və həcmləri müəyyən edilmişdir. 2006-cı il dövlət büdcəsinin dürüstləşdirilməsi və 2005-ci il dövlət büdcəsinin icrasının müzakirəsi zamanı hörmətli millət vəkillərinin ölkənin iqtisadi həyatı üçün böyük əhəmiyyəti olan təklif və tövsiyələrinin bir çoxu öyrənilərək 2007-ci ilin dövlət büdcəsi layihəsində nəzərə alınmışdır. Qanunvericilik bazasının formalaşması və təkmilləşdirilməsində, iqtisadiyyatın idarə olunmasında mühüm əhəmiyyət kəsb edən 13 qanun layihəsi müzakirənizə təqdim edilmiş büdcənin zərfinə əlavə olunmuşdur. O cümlədən “Büdcə sistemi haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi, Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi, “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanuna əlavə və dəyişikliklər edilməsi, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikasının qanun layihələri və digər qanunvericilik aktlarına müvafiq əlavə və dəyişikliklərin edilməsi birmənalı olaraq növbəti ildə dövlət və icmal büdcələrinin gəlir və xərclərinin daha şəffaf idarə olunmasına, bu büdcələrə əlavə gəlirlərin, həmçinin xərclərin cəlb edilməsinə, xərclərin artırılmasına ciddi təminat verəcəkdir. Qanun layihələrinə edilmiş əlavə və dəyişikliklərin geniş mahiyyəti ilə bağlı fikirlərə münasibət onların müzakirəsi zamanı tərəfimizdən və digər aidiyyəti dövlət orqanları tərəfindən bildiriləcəkdir.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkə iqtisadiyyatının inkişaf tempinin sürətləndirilməsi strategiyası son üç il ərzində özünü tam doğruldaraq olduqca müsbət maliyyə və iqtisadi nəticələrin əldə edilməsini şərtləndirmişdir. Belə ki, son üç ildə ümumi daxili məhsul 2,5 dəfə, dövlət büdcəsinin xərcləri 3,3 dəfə artmış, ölkədə 470 min yeni iş yerləri açılmışdır. Yoxsulluq səviyyəsi 49 faizdən 29 faizə enmişdir. Əhalinin pul gəlirləri 2 dəfə, adambaşına düşən ümumi daxili məhsul 2,5 dəfə artmışdır. Bu müsbət irəliləyiş dinamikası 2006-cı ilin ötən ayında xüsusilə nəzərəçarpan olmuşdur. Ölkənin əsas makroiqtisadi göstəricisi olan ümumi daxili məhsulun həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 34 faiz, əhalinin pul gəlirləri 19,8 faiz, orta aylıq əmək haqqı 19,9 faiz, əhalinin əmanətləri 47,9 faiz artmışdır. Əhalinin gəlirlərinin artımı 20,6 faiz səviyyəsinə çataraq müşahidə edilən inflyasiyanın səviyyəsini xeyli üstələmişdir. Cari ildə ümummilli liderimiz Heydər Əliyevin neft strategiyasının tənzimlənməsini əks etdirən, onun adını daşıyan Bakı-Tbilisi-Ceyhan əsas neft boru ixrac kəmərinin istismara verilməsi, Cənubi Qafqaz qaz boru ixrac kəmərinin inşasının tamamlanması və bu ilin sonunadək işə salınması uzun illər ərzində ölkəmizin müstəqilliyi yolunda daha yüksək uğurlar qazanmasına xidmət edəcək və həyata keçirilən sosial-iqtisadi islahatların güclü maliyyə təminatına çevriləcəkdir.
Qeyd edilən nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən də təsdiq edilib. Bunun nəticəsidir ki, cari ilin sentyabr ayında Moodys Beynəlxalq Reytinq Agentliyi tərəfindən Azərbaycanın reytinqinin bir pillə artırılaraq, BA-1 səviyyəsinə çatdığı, yəni artıq investisiya kateqoriyasının astanasında olduğu bəyan edilmişdir. Bütün bunlar 2006-cı ilin gözlənilən nəticələrinin kifayət qədər yüksək və 2007-ci ildə iqtisadi inkişafın dinamik davamı üçün etibarlı bünövrə olacağına zəmin yaradır. Cari ilin sonunadək ümumi daxili məhsulun həcminin 18,1 milyon manata çatacağı gözlənilir ki, bu da 2005-ci ildə dünyada əldə olunmuş ən yüksək 26,4 faizlik rekord artım sürətindən də 5,6 faiz çox və ya 32 faiz artım deməkdir. Sənayenin, ilk növbədə, mədənçıxarma sənayesinin yüksək artımı ilə yanaşı, cari ili səciyyələndirən mühüm xüsusiyyətlərdən biri də qeyri-neft sektorunun artımıdır.
İlin sonunadək dövlət büdcəsi gəlirlərinin tam, xərclərinin 97-98 faizə qədər icra olunacağı gözlənilir. Bununla belə, cari ilin makroiqtisadi durumu inflyasiya risklərinin artması, habelə manatın məzənnəsinin möhkəmlənməsi meyllərinin güclənməsi ilə səciyyələndirilə bilər. Qeyd olunanlara baxmayaraq, makroiqtisadi risklərin optimal idarə olunması nəticəsində inflyasiyanın birrəqəmli səviyyədə qalmasına nail olunmuş, ölkə iqtisadiyyatının makroiqtisadi təzyiqlərə davamlılığı nümayiş etdirilmişdir.
2006-cı illə müqayisədə 2007-ci ildə Azərbaycan Respublikasının sosial-inkişaf proqnozunda ümumi daxili məhsulun 22,2 milyard manat və real artımın 26,3 faiz çox, adambaşına düşən ümumi daxili məhsulun həcminin 2,6 min manat və ya 21,3 faiz çox, bir barrel neftin orta illik ixrac qiymətinin 50 ABŞ dolları səviyyəsində olacağı planlaşdırılır. Ölkənin növbəti il və sonrakı üç il üçün makroiqtisadi proqnozu barədə ətraflı məlumat iqtisadi inkişaf naziri cənab Heydər Babayevin çıxışında veriləcəkdir.
Milli neft strategiyasının həyata keçirilməsinin nəticəsi olaraq 2007-ci ildə neft sektorunun artım sürətinin 45 faiz olması gözlənilir. Qeyri-neft sektorunun növbəti ildə artımı 9 faiz səviyyəsində proqnozlaşdırılır.
Sürətli iqtisadi artım, artan neft daxilolmaları, əhalinin sosial müdafiəsi tədbirlərinin gücləndirilməsi və nəzərdə tutulmuş geniş miqyaslı investisiya proqramlarının həyata keçirilməsi şəraitində 2007-ci ilin makroiqtisadi mənzərəsi il ərzində güclənən inflyasiya təzyiqləri və Azərbaycan manatının dönərli valyutalara münasibətdə əlavə möhkəmləndirilməsi meylləri ilə müşayiət olunacaqdır. Bunları nəzərə alaraq növbəti ildə də ölkə iqtisadiyyatı qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün maliyyə dəstəyinin təmin edilməsi ilə yanaşı, dövlət və icmal büdcələrinin gəlir və xərclərinin formalaşması zamanı inflyasiya təzyiqlərinin mümkün qədər azaldılması diqqət mərkəzində olmuşdur.
2007-ci ilin dövlət büdcəsinin göstəriciləri büdcənin gəlir və xərclərinin əsas istiqamətlərini müəyyən edir. 2007-ci il dövlət və icmal büdcələrinin göstəricilərinin formalaşmasında neft sektorundan əldə edilən gəlirlərin rolu ənənəvi olaraq yüksək olacaqdır. Növbəti il üçün nəzərdə tutulan dövlət büdcəsinin gəlirlərində neft sektorundan gəlirlərin xüsusi çəkisi 50-60 faiz təşkil edəcəkdir. Milli neft strategiyasının uğurla həyata keçirilməsində neft daxilolmalarının durmadan artımı məntiqi qəbul olunaraq, 2007-ci il dövlət büdcəsinin strukturunun tarazlaşdırılmasına, yəni qeyri-neft sektoru üzrə vergi yığımlarının kəskin artmasına mühüm əhəmiyyət verilmişdir. Bunun nəticəsidir ki, 2007-ci ildə ümumi daxili məhsulda neft sektorunun artım tempinin qeyri-neft sektorunun artım tempindən 5 dəfə yüksək proqnozlaşdırılmasına baxmayaraq, büdcə daxilolmalarında bu fərq 1,5 dəfə təşkil edir.
2007-ci ildə gəlirlərin nəzərdə tutulan artımı ilk növbədə vasitəli vergilərin yığılmasında, inzibatçılığın gücləndirilməsi və sadələşdirilmiş verginin tətbiqinin təkmilləşdirilməsi hesabına olacaqdır. Belə ki, əlavə dəyər vergisi sahəsində itkilərin aşağı salınması və vergidən yayınma hallarının qarşısının alınması məqsədi ilə bu vergi üzrə ödənişlərin xüsusi bank hesabı vasitəsi ilə həyata keçirilməsi və bu qaydaların pozulmasına görə daha sərt maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Aksizli mallar istehsal edən müəssisələrdə aksiz postlarının tətbiqinin təkmilləşdirilməsi, xüsusi ilə bahalı minik avtomobillərinə və suda üzən nəqliyyat vasitələrinə yeni aksiz vergisinin tətbiqi gözlənilir.
Növbəti ildə dövlət rüsumlarının dərəcələrinə yenidən baxılması nəticəsində, habelə dövlət mülkiyyətinin özəlləşdirilməsinin sürətləndirilməsi yolu ilə də dövlət büdcəsinin gəlirlərinin əlavə artımı təmin ediləcəkdir.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin son illərdə regionların sosial-iqtisadi inkişafına göstərdiyi xüsusi qayğının məntiqi nəticəsi kimi 2007-ci ildə ilk dəfə olaraq regionlar üzrə vergi gəlirlərinin artım səviyyəsi dövlət büdcəsi gəlirlərinin orta artım səviyyəsindən yüksək proqnozlaşdırılır. 2007-ci il üçün büdcə xərcləri ölkə Prezidenti tərəfindən həyata keçirilən sosial-iqtisadi kursun əsas prioritetlərini özündə əks etdirir. Belə ki, növbəti ildə iqtisadi və sosial islahatların davam etdirilməsi, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, əhalinin minimum yaşayış səviyyəsinin yaxşılaşdırılması, ünvanlı sosial yardımın təmin edilməsi, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, investisiya və sosial proqramların həyata keçirilməsi xarici və daxili borc öhdəliklərinin ödənilməsinə maliyyə təminatı yaradılacaqdır.
2007-ci ildə dövlət büdcəsi xərclərinin icrası zamanı şəffaflığın, səmərəliliyin və ünvanlılığın təmin edilməsi istiqamətində iş davam etdiriləcəkdir. Növbəti il üçün büdcə xərcləri məqsədli proqramlar əsasında proqnozlaşdırılmış, bu zaman ölkə Prezidentinin göstərişinə uyğun olaraq xərclərin investisiya və eyni zamanda, sosialyönlülüyünə üstünlük verilmişdir. Bu mexanizmin tətbiqi dövlət büdcəsinin icrası prosesində ayrı-ayrı məqsədli dövlət proqramlarında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsi üzərində nəzarətin gücləndirilməsinə imkan verəcəkdir.
Növbəti ildə büdcə xərclərində sosial müdafiə və sosial təminat xərclərinin, bütün növ pensiyaların artırılması, pensiyaların baza hissəsinin minimum yaşayış həddinə yaxınlaşdırılması qarşıya qoyulmuşdur. Bu vəzifələrin uğurla icrası üçün dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur. Minimum əmək haqlarının və pensiyaların baza hissəsinin 2007-ci il ərzində 50 manata çatdırılması təmin ediləcəkdir.
Naxçıvan Muxtar Respublikası büdcəsinin və yerli xərclərin tənzimlənməsi üçün mərkəzləşdirilmiş xərclərdən tələb olunan miqdarda dotasiya nəzərdə tutulmuşdur. Son zamanlar yenidən qurulması və tikintisi başa çatmış respublika və yerli əhəmiyyətli avtomobil yolları şəbəkəsinin səmərəli istismarı və lazımi səviyyədə saxlanılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə dövlət büdcəsinin tərkibində “Avtomobil yolları” Məqsədli Büdcə Fondu yaradılmışdır. Büdcə layihəsində fondun fəaliyyəti ilə bağlı müvafiq maliyyə təminatı tədbirləri nəzərdə tutulmuşdur.
2007-ci il dövlət büdcəsinin gəlirlərinin strukturu və əsas mənbələri. Ölkə iqtisadiyyatının inkişafı və vergi qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətində təsirli tədbirlərin görülməsi nəticəsində 2007-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 24 faizi həcmində və ya 2006-cı illə müqayisədə 1,9 bənd artımla nəzərdə tutulmuşdur. Mütləq ifadədə büdcə gəlirləri 5 milyard 336 milyon manat olacaqdır ki, bu da 2006-cı ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 1,5 milyard manat və yaxud 39,1 faiz çoxdur. Dövlət büdcəsinin layihəsinə görə büdcə daxilolmalarının mənfəət vergisi üzrə 76 faiz, sadələşdirilmiş vergi üzrə 69,6 faiz, torpaq vergisi üzrə 48,3 faiz, fiziki şəxslərdən gəlir vergisi üzrə 38,4 faiz, aksizlər üzrə 30,5 faiz, əlavə dəyər vergisi üzrə 29,2 faiz artım nəzərdə tutulur.
2007-ci ildə Vergilər Nazirliyi üzrə 3 milyard 980 milyon manat və 2006-cı ilin təsdiq olunmuş göstəricilərinə nisbətən 51,9 faiz çox daxilolmalar nəzərdə tutulur. Vergilər Nazirliyi tərəfindən təmin ediləcək gəlirlərin dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 74,6 faiz təşkil edəcəkdir. Qeyd etmək istərdim ki, son illər mütəmadi olaraq dərəcələri aşağı salınan birbaşa vergilər üzrə daxilolmaların, yəni mənfəətdən vergi və gəlir vergisinin xüsusi çəkisinin ümumi daxili məhsula nisbətdə 9,2 faizdən 11,9 faizədək, yəni 30 faizədək yüksəlməsi gözlənilir. Bu da həm aparılan vergi siyasətinin stimullaşdırıcı təsirinin, həm də son illərdə yeni iş yerlərinin yaradılması üzrə həyata keçirilən proqram tədbirlərin nəticələri kimi qiymətləndirilə bilər.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 630 milyon manat nəzərdə tutulur ki, bu da 2006-cı ilə nisbətən 24,7 faiz və 124,6 milyon manat çoxdur. Dövlət Gömrük Komitəsi tərəfindən təmin ediləcək vergi və rüsumların dövlət büdcəsinin gəlirlərində xüsusi çəkisi 11,8 faiz təşkil edəcəkdir. dövlət büdcəsində digər mənbələrdən 725,7 milyon manat vəsaitin daxil olacağı proqnozlaşdırılır ki, bunun da 585 milyon manatını və ya 80,6 faizini Dövlət Neft Fondundan transferlər və 107,4 milyon manatını və ya 14,8 faizini büdcədən maliyyələşən təşkilatların büdcədənkənar vəsaitləri, 33,3 milyon manatını və ya 4,6 faizini digər daxilolmalar təşkil edəcəkdir. Bu daxilolmalar 2006-cı ilə nisbətən 2,9 faiz və 20,7 milyon manat çox olacaqdır.
2007-ci il dövlət büdcəsinin xərclərinin strukturu və əsas istiqamətləri sahəsində şəffaf, səmərəli və ünvanlı işlər davam etdiriləcəkdir. 2007-ci il dövlət büdcəsinin xərcləri ümumi daxili məhsulun 25,7 faizi həcmində və 2006-cı ilə nisbətən 2,5 bənd çox nəzərdə tutulur. Mütləq ifadədə 2007-ci il dövlət büdcəsinin xərcləri 5 milyard 715 milyon manat təşkil edəcəkdir ki, bu da 2006-cı ilə nisbətən 1 milyard 690 milyon manat və ya 42 faiz çoxdur.
2007-ci il dövlət büdcəsinin xərclərinin strukturuna daxil olan cari xərclər 3 milyard 548 milyon manat, əsaslı xərclər 2 milyard 123 milyon manat, dövlət borclarına xidmətlə bağlı xərclər 44 milyon manat nəzərdə tutulmaqla məcmu dövlət büdcəsi xərclərinin müvafiq olaraq 62,1, 37,1 və 0,8 faizini təşkil edəcəkdir.
Növbəti ildə dövlət büdcəsi xərclərinin sosialyönümlü olmasına xüsusi diqqət yetirilmişdir. Bu xərclərin büdcədəki xüsusi çəkisi 37,9 faiz, mütləq ifadədə 2 milyard 164 milyon manat olmaqla, cari illə müqayisədə 691,3 milyon manat və ya 47 faiz artacaqdır. Dövlət büdcəsinin tərtibi zamanı səhiyyə xərcləri 269,5 milyon manat və ya 2006-cı ilə nisbətən 47,5 faiz, təhsil xərcləri 733,2 milyon manat və 2006-cı ilə nisbətən 47,2 faiz, sosial müdafiə və sosial təminat xərcləri 527,6 milyon manat və ya 2006-cı ilə nisbətən 37,7 faiz, mədəniyyət, incəsənət və kütləvi informasiya vasitələri xərcləri 90,2 milyon manat və ya 2006-cı ilə nisbətən 27,5 faiz, elm xərcləri 37,2 milyon manat və ya 2006-cı ilə nisbətən 8,1 faiz artımla proqnozlaşdırılmışdır.
Sosialyönümlü xərclər, əsasən, əmək haqlarının, pensiya və sosial müavinətlərin artımı, təqaüdlərin təkmilləşdirilməsi və pensiya islahatlarının davam etdirilməsi ilə bağlı xərclərin maliyyələşdirilməsini əhatə edəcəkdir. Maaşları Vahid Tarif Cədvəli ilə tənzimlənən vəzifələr üzrə minimum aylıq əmək haqlarının artımı üçün dövlət büdcəsində 271 milyon manat vəsait ayrılmışdır ki, bu da büdcədən maliyyələşən təşkilatlarda işləyən 630 min nəfərə yaxın şəxslərin maddi təminatının yaxşılaşdırılmasına imkan verəcəkdir. Dövlət qulluqçularının əmək haqlarının artımı üçün 54,5 milyon manat vəsait yönələcəkdir ki, bu da 29,5 min nəfəri əhatə edəcəkdir.
2007-ci ildə əmək pensiyalarının baza hissəsinin iki mərhələdə artımı üçün 248,6 milyon manat, ünvanlı dövlət sosial yardımının tətbiqi ilə əlaqədar ehtiyac meyarının orta hesabla 42 faiz artırılması üçün 78 milyon manat, məcburi köçkünlərə verilən yemək xərcinin orta hesabla 33 faiz artımı üçün 12,9 milyon manat, sosial müavinətlərin həddinin orta hesabla 35 faiz artırılaraq yaşayış minimumu səviyyəsinə yaxınlaşdırılması üçün 12 milyon manat, əlillərin sanator-kurort müalicəsinin təşkilinə, əlillərə eşitmə aparatlarının, əlil arabalarının, əlillərə protezləşdirmə məmulatlarının alınmasına 1,8 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Ölkədə pensiya islahatlarının davamı olaraq, 2007-ci ildən hərbi qulluqçuların pensiyalarının Dövlət Sosial Müdafiə Fondu vasitəsi ilə verilməsi, onların əmək haqlarının məcburi dövlət sosial sığortasına cəlb edilməsi nəzərdə tutulur. Bu məqsədə də dövlət büdcəsindən 80,6 milyon manat vəsait Dövlət Sosial Müdafiə Fondunun büdcəsinə yönələcəkdir. Ölkə iqtisadiyyatı üçün ali və orta ixtisas təhsilli mütəxəssislərin hazırlanmasına, o cümlədən Türkiyə, Rusiya Federasiyası və Ukraynada dövlət hesabına təhsil alan aspirantlara, tələbə və şagirdlərə aylıq təqaüdlərinin artırılması üçün 1,1 milyon manat əlavə vəsait nəzərdə tutulmuşdur.
Ünvanlılığı təmin etmək məqsədi ilə 2007-ci ildən dövlət büdcəsində elm, təhsil, səhiyyə və mədəniyyət üzrə məqsədli dövlət proqramlarının maliyyələşdirilməsinə başlanacaqdır. Həmin proqramların maliyyə təminatı üçün 91,6 milyon manat vəsait ayrılmışdır. O cümlədən, “Azərbaycan Respublikasında yeni ümumtəhsil məktəblərinin tikintisi, mövcud məktəblərin əsaslı təmiri və müasir tədris avadanlıqları ilə təmin olunmasına dair Proqramın (2005–2009-cu illər)” icrası üçün ümumtəhsil məktəblərinin mərkəzləşdirilmiş qaydada avadanlıq və inventarla təmin olunmasına 8,5 milyon manat, əsaslı təmir xərclərinə 10,5 milyon manat, “Azərbaycan Respublikasında ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı Proqramına (2005-2007-ci illər)” əsasən respublikanın ümumtəhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları üçün 13 milyon manat, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili üzrə İnkişaf Proqramının icrası üçün 2,6 milyon manat, xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramının icrasını təmin etmək üçün 1,8 milyon manat vəsait ayrılmışdır.
2007-ci ildə səhiyyə üzrə bir sıra proqramların icrası üçün də vəsaitlər ayrılmışdır. O cümlədən, “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqrami”na 9,1 milyon manat, “Şəkərli diabet üzrə Dövlət Proqramı”na 12 milyon manat, “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı”na 134 milyon manat, “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı”na 2,9 milyon manat, “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı”na 4,8 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Mədəniyyət sahəsində kitabxanaların pasportlaşdırılması və kitabxana fondlarının latın qrafikalı Azərbaycan əlifbasında olan kitablarla təmin edilməsi işinin təkmilləşdirilməsinə, kitab fondunun bərpasına və yeni ədəbiyyatların alınmasına, kitabxana işi ilə bağlı beynəlxalq əməkdaşlığın inkişaf etdirilməsinə və kitabxanaların saxlanılmasına 15,1 milyon manat, muzey kolleksiyalarının komplektləşdirilməsi işinin gücləndirilməsi, fondların zənginləşdirilməsi, muzey əşyalarının bərpası, mühafizə və yanğın sistemlərinin təkmilləşdirilməsi, muzeylərin tərtibatı keyfiyyətinin müasir tələblərə uyğun olaraq yüksəldilməsi və onların saxlanılması işlərinə 5,3 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Gələn il bədən tərbiyəsi və turizmin inkişaf etdirilməsi də diqqət mərkəzində olacaqdır. Beynəlxalq idman yarışlarında, o cümlədən Pekində keçiriləcək XXIX Yay Olimpiya Oyunlarında ölkəmizin yüksək səviyyədə təmsil olunması üçün hazırlıq işlərinə 5,8 milyon manat vəsaitin ayrılması təmin ediləcəkdir. Turizmin inkişafı sahəsində kadr hazırlığı sisteminin təkmilləşdirilməsi məqsədi ilə 2006-cı ildə yaradılmış Turizm İnstitutunun və Mingəçevir Turizm kollecinin saxlanmasına 900 min manat, regionlarda turizm fəaliyyətinin stimullaşdırılmasına, turizmdə informasiya təbliğatı işinin gücləndirilməsinə və təkmilləşdirilməsinə 1,4 milyon vəsait ayrılacaqdır.
Müdafiə və təhlükəsizlik, məhkəmə hakimiyyəti, hüquq mühafizə orqanlarının və prokurorluğun saxlanılması xərcləri barədə məlumatlarla da sizi tanış etmək istəyirəm. Dövlətin müdafiə qüdrətinin gücləndirilməsi və təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ölkə başçısının məqsədyönlü siyasətinin məntiqli davamı olaraq 2007-ci ildə dövlət investisiya xərclərindən ayrılan vəsait hərbi qulluqçuların hərbi rütbəyə görə maaşlarının, hərbi qulluqçuların və mülki işçilərin aylıq vəzifə maaşlarının 100 faiz artımı və hərbi pensiya xərcləri nəzərə alınmaqla, müdafiə xərcləri 2006-cı ilə nisbətən 27,9 faiz çox, yəni 198 milyon manat artırılaraq 906,5 milyon manata çatdırılmışdır. Müharibə şəraitində yaşayan bir ölkədə bu zərurətin nədən irəli gəldiyini geniş açıqlamağa ehtiyac yoxdur. Bu xərclər bütövlükdə büdcə artımının 11,7 faizini təşkil etməklə, əsasən, hərbi sənaye kompleksinin inkişafına, müdafiə və təhlükəsizlik sahəsində maddi-texniki təminatının yaxşılaşdırılmasına yönəldiləcəkdir.
2006-cı ildə Azərbaycan Respublikası Prezidentinin müxtəlif sərəncamları ilə hüquq mühafizə, məhkəmə hakimiyyəti və prokurorluğun saxlanılması xərclərinə 69,6 faiz çox vəsait yönəldilmişdir.
Məhkəmə sisteminin müasirləşdirilməsi və səmərəliliyinin artırılması, hakim korpusunun genişləndirilməsi, məhkəmələrin ərazi yurisdiksiyasının müəyyən edilməsi və yeni məhkəmələrin fəaliyyətinin təmin edilməsi, yeni yaradılmış 8 məhkəmənin, o cümlədən Bakı, Gəncə, Sumqayıt, Əli Bayramlı, Şəki şəhər apellyasiya məhkəmələrinin və üç yerli iqtisad məhkəmələrinin saxlanılması üçün 6,1 milyon manat əlavə vəsait ayrılmışdır.
Əsaslı xərclərin istiqamətləri. 2007-ci ilin büdcəsini səciyyələndirən xüsusiyyətlərdən biri kimi onun dövlət investisiya xərclərinin əhəmiyyətli dərəcədə artmasını, bu xərclərin, əsasən, ölkənin sosial və fiziki infrastrukturlarının yenidən qurulmasına və tikintisinə yönəldilməsini vurğulamaq olar. Dövlət Neft Fondundan dövlət büdcəsinə veriləcək 585 milyon manat transfer nəzərə alınmaqla, 2007-ci il dövlət büdcəsində əsaslı xərclər üçün 2 milyard 123 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı illə müqayisədə 642,2 milyon manat və ya 43,4 faiz çoxdur. Əsaslı xərclərin 1,5 milyard manatı məqsədli investisiya proqramlarının maliyyələşdirilməsinə yönəldiləcəkdir ki, bu da 2006-cı ilə nisbətən 484,4 milyon manat və ya 47,8 faiz çoxdur.
Dövlət investisiya xərcləri sənaye, nəqliyyat, energetika, kənd təsərrüfatı və digər infrastrukturların yaradılmasına və yenidən qurulmasına, sosial, mədəni müəssisələrin əsaslı təmirinə, yenidən qurulmasına və əsas vəsaitlərin alınmasına, Müdafiə Sənayesi Nazirliyinin və Fövqəladə Hallar Nazirliyinin yeni alınmış maddi-texniki bazasının formalaşdırılmasına, ölkənin müdafiə, milli təhlükəsizlik, sərhəd və digər tədbirləri üzrə əsaslı işlərin görülməsi xərclərinə, bir sıra dövlət proqramları üzrə nəzərdə tutulmuş əsaslı xərclərə və digər tədbirlərin maliyyələşdirilməsinə yönəldiləcəkdir.
2007-ci ildə dövlət üçün mühüm əhəmiyyət kəsb edən investisiya xərclərinin həyata keçirilməsi nəzərdə tutulur. O cümlədən mühüm səhiyyə obyektlərindən sayılan Respublika Klinik Tibb Mərkəzində yenidənqurma işlərinin başa çatdırılması, akademik Zərifə Əliyeva adına Elmi-Tədqiqat Oftolmologiya İnstitutunun tikintisi üçün 12 milyon manat, mədəniyyət obyektlərindən olan “Azərbaycanfilm” Kinostudiyasının binasında, Heydər Əliyev adına sarayda, İncəsənət muzeyində təmir, bərpa və yenidənqurma işləri üçün 18,7 milyon manat, yol-nəqliyyat infrastrukturlarının yenidən tikilməsi və yenidən qurulması işlərinə 272 milyon manat, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulmuş obyektlərin tikintisinə 36,8 milyon manat, su təchizatı sistemi üzrə layihələrin maliyyələşdirilməsinə 52 milyon manat, meliorativ tədbirlərin maliyyələşdirilməsinə 70 milyon manat, ölkədə qazlaşma işləri üzrə tədbirlərin həyata keçirilməsi üçün 24,3 milyon manat, enerji təchizatı sisteminin təkmilləşdirilməsinə yönələn bir sıra layihələrin həyata keçirilməsi üçün 180 milyon manat, Lənkəran və Zaqatala hava limanlarının inşası işlərinin başa çatdırılması üçün 25 milyon manat, Bakı şəhərində nəqliyyat problemlərinin həll edilməsi məqsədi ilə metronun şimal hissəsinin tikintisi, metroya yeni avadanlığın və vaqonların alınması üçün 34,8 milyon manat, Bakı şəhərində tarixi memarlıq abidələrinin bərpası, paytaxtın küçə və meydanlarının abadlaşdırılması və işıqlandırılması tədbirlərinin həyata keçirilməsi üçün 66,8 milyon manat vəsait ayrılacaqdır.
Bununla yanaşı, icmal büdcənin tərkib hissəsi olan Dövlət Neft Fondunun vəsaitindən qaçqın və məcburi köçkünlərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına, Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəməri xəttinin çəkilməsinə, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına və digər tədbirlərə 384,7 milyon manatın ayrılması nəzərdə tutulmuşdur. İlk dəfə olaraq xarici kreditlər hesabına bir sıra layihələrin maliyyələşdirilməsinə isə 349 milyon manat vəsait yönəldiləcəkdir. 2007-ci ildə ölkə iqtisadiyyatında xüsusi rolu olan mənzil və kommunal təsərrüfatı xərclərinə 98 milyon manat və ya 2006-cı ilə nisbətən 36,3 milyon manat çox, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq xərclərinə 150 milyon manat və ya 2006-cı ilə nisbətən 52,5 milyon manat çox, sənaye və tikinti xərclərinə 22,8 milyon manat və 2006-cı ilə nisbətən 19,4 milyon manat çox vəsait ayrılmışdır.
2007-ci il dövlət büdcəsində sənaye və tikinti xərclərinin tərkib hissəsi kimi Naxçıvan Muxtar Respublikasına 18,6 milyon manat subvensiya nəzərdə tutulmuşdur ki, bu vəsaitin də 15 milyon manatı Naxçıvan Muxtar Respublikasının  qazlaşdırılması işlərinin həyata keçirilməsinə, 3,6 milyon manatı isə Arpaçay su anbarının yenidən qurulmasına və əsaslı təmirinə yönəldiləcəkdir.
Ölkənin şəhər və rayonlarında yolların tikintisi, abadlıq işlərinin aparılmasına büdcədə yetərincə vəsait nəzərdə tutulmuşdur. Demək olar ki, rayon və şəhərlərdən bu xərclərlə bağlı sifarişlər. əsasən, nəzərə alınmışdır.
2007-ci ildə rayon və şəhərlərin abadlaşdırılması işlərinə 45 milyon manat və ya 75,5 faiz, ölkədə yolların tikintisinə və əsaslı təmirinə 140,2 milyon manat və ya 2006-cı illə müqayisədə 65,2 milyon manat (86,8 faiz) çox vəsait nəzərdə tutulmuşdur. Yollara ayrılan vəsaitin 30,7 milyon manatı rayon və şəhər mərkəzlərinin yolları üçün nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 16,1 milyon manat və 2,1 dəfə çoxdur.
2007-ci ildən başlayaraq respublikada heyvandarlığın inkişaf etdirilməsi, yüksək keyfiyyətli damazlıq toxum bankının yaradılması, mütərəqqi texnologiya olan damazlıq işinə tətbiq olunması üçün süni mayalama işlərinin yenidən qurulmasına 800 min manat vəsait nəzərdə tutulmuşdur.
Ölkənin iqtisadi nailiyyətləri barədə ətraflı məlumatlandırma xaricdəki diasporumuzu, lobbimizi fəallaşdırma tədbirlərinin həyata keçirilməsindən çox asılıdır. Azərbaycandan xaricdə olan diplomatik qurumların xüsusi rolunu nəzərə alaraq 2007-ci ilin dövlət büdcəsində bu məqsəd üçün 40,4 milyon manat və ya 2006-cı illə müqayisədə 4,9 milyon manat çox vəsait nəzərdə tutulmuş, o cümlədən yeni yaradılacaq 10 səfirlik və diplomatik nümayəndəliklərin saxlanılması və onların fəaliyyətinin təşkili üçün İsveç Krallığında, Çex Respublikasında, Argentina Respublikasında, ərəb ölkələrində, Qatar dövlətində, Malayziyada, Xorvatiya Respublikasında, Cənubi Koreya Respublikasında, Niderland Krallığında səfirliklərin və Yekaterinburqda Baş Konsulluğun fəaliyyətinin təşkili üçün 7,6 milyon manat vəsait ayrılmışdır.
Qarşıda qoyulan mühüm vəzifələrdən biri də xarici ölkələrdəki diplomatik qurumların saxlanılması xərclərini təkmilləşdirməklə vəsaitlərin cari xərclərdən çox, əsaslı xərclərə yönəldilməsidir. Bu məqsədlə 2007-ci ildən başlayaraq xaricdə olan diplomatik qurumlarımızın icarə haqları mərhələlərlə onlara binaların, torpaq sahələrinin alınması ilə əvəzləşdiriləcək. Bu tədbir son nəticədə ölkəmizin xaricdə əmlakının artmasına, dövlət vəsaitinin isə daha səmərəli istifadəsinə imkan verəcəkdir. Bu prinsip əsas götürülməklə 2007-ci il dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu xərclərində Azərbaycan Respublikasının xarici ölkələrdəki səfirlik və diplomatik nümayəndəlikləri üçün torpaq sahələrinin alınmasına, inzibati binaların tikintisinə və təmirinə, maddi-texniki bazanın möhkəmləndirilməsinə, xüsusi rabitə sisteminin quraşdırılmasına 17,2 milyon manat vəsait nəzərdə tutulmuşdur.
2007-ci ildə ölkədə sahibkarlığın inkişaf etdirilməsinə maliyyə dəstəyinin verilməsi siyasəti davam etdiriləcəkdir. Sahibkarlığa köməyi gücləndirmək, bu sahədə hazırlanmış proqramların maliyyələşdirilməsində büdcənin rolunun artırılmasına mühüm əhəmiyyət verilmiş və 2007-ci ilin icmal büdcəsində bu məqsədlə 80 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 6 milyon manat, kənd təsərrüfatı texnikasının alınması, lizinqin inkişafı üçün 40 milyon manat, o cümlədən Naxçıvan Muxtar Respublikası üzrə 2,5 milyon manat vəsait ayrılacaqdır.
Əhalinin mənzil şəraitinin yaxşılaşdırılması üçün ipoteka sisteminin genişləndirilməsi məqsədi ilə yaradılmış İpoteka Fonduna əlavə 20 milyon manat vəsait yönəldiləcəkdir. Dövlət əmlakının özəlləşdirilməsi prosesində müstəqil maliyyə məsləhətçisinin cəlb edilməsi, özəlləşdirmə ilə bağlı informasiya təminatının təşkili, müəssisələrin özəlləşdirməqabağı sağlamlaşdırılması məqsədi üçün 12,5 milyon manat vəsait nəzərdə tutulmuşdur.
Respublikamızda əhalinin miqrasiyası, yaşı, təhsili, məşğulluğu, milli tərkibi və digər sosial demoqrafik xarakteristikası haqqında ətraflı və dəqiq məlumatların əldə olunması üçün 2007-ci il dövlət büdcəsinin layihəsində 2009-cu ildə keçirilməsi nəzərdə tutulan əhalinin siyahıya alınmasına hazırlıq işləri üçün tələb olunan məbləğdə vəsait nəzərdə tutulmuşdur. Dövlətə məxsus bankların fəaliyyətinin təkmilləşdirilməsi üzrə növbəti ildə mühüm tədbirlərin həyata keçirilməsi planlaşdırılır. Azərbaycan Beynəlxalq Bankının maliyyə təsərrüfat fəaliyyətindəki nəticələri nəzərə alınaraq onun məcburi kapitalının artırılması, özəlləşmə zamanı dövlətə məxsus səhmlərin satışından dövlət büdcəsinə daha çox vəsait cəlb edilməsi məqsədi ilə 2007-ci ilin dövlət büdcəsi hesabına Beynəlxalq Bankın nizamnamə kapitalındakı dövlətə məxsus payın artırılması nəzərdə tutulmuşdur. Eyni zamanda ölkənin maliyyə-bank sektorunun, müasir bazar münasibətlərinin daha da dərinləşdirilməsi, bank sisteminin rəqabət qabiliyyətinin artırılması və özəlləşmənin daha səmərəli şəkildə həyata keçirilməsi məqsədi ilə “Kapital Bank” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalında dövlətə məxsus payın 50 faizədək azaldılaraq onun əlavə səhm emissiyası hesabına iki dəfə artırılması və dövlətin həmin səhmlərin satış-alışında iştirak etməməsi qarşıya qoyulmuşdur. 2007-ci ildən büdcə təşkilatlarının büdcədənkənar vəsaitləri üzrə xərcləri 2006-cı ilə nisbətən 16,2 faiz çox və ya 107,4 milyon vəsait nəzərdə tutulmuşdur. Bələdiyyələrə maliyyə köməkliyinin davam etdirilməsi üçün 2007-ci il dövlət büdcəsindən 3 milyon manat vəsait ayrılacaqdır.
Dövlət borcunun idarə edilməsi ilə bağlı xərclər. Ölkə Prezidentinin bəyan etdiyi kimi, Azərbaycan dövlətinin bugünkü iqtisadi durumu bizə xaricdən istədiyimiz məbləğdə kredit götürməyə imkan verir. Lakin biz dövlətin daxili və xarici borcalma strategiyasını düzgün müəyyənləşdirməklə gələcək nəsillərə ağır borc yükü qoymamalıyıq. Ölkə rəhbərinin bu tapşırığını əsas götürmüş və borclanmaya çox ehtiyatla yanaşmışıq. Demək olar ki, iqtisadiyyata cəlb edilmiş daxili və xarici kreditlər çox sərfəli və uzunmüddətli şərtlərlə bağlanmışdır. Bu günə qədər dövlətin daxili və xarici borcları birlikdə təxminən 1,8 milyard manat təşkil edir. Bu da 2006-cı ildə ümumi daxili məhsulun gözlənilən icrasının 9,9 faizinə bərabərdir. Bu, ümumən beynəlxalq borcalma təcrübəsində normal, hətta aşağı hədd hesab edilir. Adambaşına düşən xarici dövlət borcuna gəldikdə isə, bu göstərici ölkəmizdə 226 ABŞ dolları təşkil edir.
Dövlət borcunun idarə olunması həmişəki kimi diqqət mərkəzində saxlanılır. 2007-ci ildə dövlət zəmanəti ilə alınmış kreditlərə xidmət edilməsi üçün 76,2 milyon manat vəsait nəzərdə tutulmuşdur. Həmin vəsaitlərin 42 milyon manatı əsas borcun, 34,2 milyon manatı isə xidməti xərclərin maliyyələşdirilməsinə yönəldiləcəkdir. Ölkəmizin beynəlxalq dövlətlərarası təşkilatlara üzvlük haqqı xərcləri üçün 9,4 milyon manat vəsait sərf ediləcəkdir.
2007-ci ildə dövlət büdcəsinin tərkib hissəsi olan yerli xərclər, büdcədənkənar vəsaitlər nəzərə alınmaqla, 728,1 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2006-cı ilə nisbətən 106 milyon manat və ya 17 faiz çoxdur. Yerli xərclərdə prioritet olaraq əmək haqlarının artımı, əhalinin sağlamlığının daha da yaxşılaşdırılması, sosial müəssisələrin cari və əsaslı təmiri, yolların tikintisi və təmiri, abadlıq işlərinin genişləndirilməsi xərcləri əsas götürülmüşdür. Şəhər və rayonların yerli xərclərinin 77,1 faizinin mərkəzləşdirilmiş xərclərdən verilən vəsaitlər, yəni dotasiya hesabına maliyyələşdirilməsi nəzərdə tutulur ki, bu da 2006-cı ilə nisbətən 181,1 milyon manat və ya 47,6 faiz çox olacaqdır.
2007-ci il dövlət büdcəsi kəsirinin maliyyələşdirilməsi üçün 379 milyon manat və ya ümumi daxili məhsulun 1,7 faizi həcmində vəsait nəzərdə tutulmuşdur. Büdcə kəsirinin 50 milyon manatı özəlləşmədən daxilolmalar, 329 milyon manatı dövlət istiqrazlarının ölkə daxilində və xaricində yerləşdirilməsindən əldə edilə biləcək daxilolmaların hesabına həyata keçiriləcəkdir.
Hörmətli millət vəkilləri! İndi isə, icazə verin, sizi icmal büdcənin bəzi göstəriciləri ilə tanış edim. Azərbaycan Respublikasının 2007-ci il icmal büdcəsinin gəlirləri 7 milyard 403 milyon manat olmaqla 2006-cı ilə nisbətən 52,7 faiz çox, xərcləri isə 7 milyard 196 milyon manat olmaqla 38,3 faiz çox olacaqdır.
İcmal büdcənin tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 161,8 milyon manat proqnozlaşdırılmışdır ki, bu da 2006-cı illə müqayisədə 54,3 faiz çoxdur. Xərclərin 10,8 faizi və ya 17,2 milyon manatı öz gəlirləri, 89,4 faizi və ya 144,6 milyon manatı isə dövlət büdcəsindən ayrılan dotasiya hesabına təmin ediləcəkdir. Dövlət Sosial Müdafiə Fondu büdcəsinin xərcləri 920,2 milyon manat və ya 2006-cı ilə nisbətən 56,1 faiz çox proqnozlaşdırılır. Fondun xərclərinin 56,5 faizi və ya 520,1 milyon manatı dövlət büdcəsi hesabına örtüləcəkdir.
2007-ci ildə Dövlət Neft Fondunun gəlirləri 1 milyard 556 milyon manat və 2006-cı ilə nisbətən 82,1 faiz çox, xərcləri isə 969,7 milyon manat və 2006-cı ilə nisbətən 5,1 faiz az proqnozlaşdırılır. İlk dəfə olaraq 2007-ci il icmal büdcəsinin xərclərinə 349 milyon manat, xarici kreditlər hesabına maliyyələşən layihələr üzrə xərclər də daxil edilmişdir. 2007-ci ilin icmal büdcəsi 207 milyon manat profisitlə proqnozlaşsa da, Dövlət Neft Fondunun gəlirləri nəzərə alınmadan, icmal büdcənin kəsiri 1 milyard 349 milyon manat və ya nəzərdə tutulan ümumi daxili məhsulun 6,1 faizi həcmində olacaqdır.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunmuş 2007-ci il dövlət büdcəsi və icmal büdcələri layihələri Azərbaycan Respublikasının Pezidenti möhtərəm cənab İlham Əliyevin rəhbərliyi altında ölkənin dinamik inkişafı, əhalinin maddi rifah halının yaxşılaşdırılması yolunda irəliyə doğru atılan ciddi addım olmaqla qəbul edilmişdir. Bu mühüm sənədlər sosial-iqtisadi kursun həyata keçirilməsi üçün vacib iqtisadi alətə çevriləcəkdir. 2007-ci il dövlət büdcəsi layihəsində nəzərdə tutulan proqram və tədbirlərin həyata keçirilməsi hesabına əhəmiyyətli nəticələr əldə olunacaqdır. Orta aylıq əmək haqqı 200 manata çatdırılacaq. Adambaşına düşən nominal ümumdaxili məhsulun həcmi də artacaqdır. Beynəlxalq Valyuta Fondunun metodikasına uyğun hesablanmış adambaşına ümumi daxili məhsula görə ölkəmiz cari ildə 170 ölkəni əhatə edən siyahıda 110-cu yeri tutan ölkədən 30 pillə yuxarı qalxmışdır. Növbəti ildə ölkəmizin həmin siyahıda 8-ci onluqda yer tutacağı ehtimal olunur. Çıxışımın sonunda sizi Azərbaycan Respublikasının 2007-ci il üçün dövlət büdcəsi və icmal büdcələri layihələrini dəstəkləməyə və müvafiq qanunların Milli Məclis tərəfindən qəbul edilməsinə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hörmətli nazir. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayevə söz verilir.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Hörmətli cənab Baş nazir və hökumət üzvləri! Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri!
Maliyyə naziri Samir müəllim çıxışında sosial-iqtisadi inkişaf sahəsində cari vəziyyətin və həyata keçirilən məqsədyönlü tədbirlərin nəticəsində əldə olunmuş yeni nailiyyətlər barədə geniş və əhatəli məlumat verdi. Onları təkrar etmədən qeyd etmək istərdim ki, bu gün Azərbaycanın inkişaf templərinə və investisiya cəlbediciliyinə görə dünya ölkələri arasında reytinqi xeyli yüksəlmişdir. Azərbaycanın bu sahədə qonşu Türkiyədən 2 pillə irəlidə olması, cari ildə Bakı-Tibilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin inşasının başa çatdırılması, Bakı-Tibilisi-Ərzurum qaz ixrac boru kəmərinin inşasının sürətlə davam etdirilməsi, Şərq-Qərb, Şimal-Cənub istiqamətlərində tranzit dəhlizlərindən daha geniş və səmərəli istifadə olunması onun regionda əhəmiyyətli mərkəzə çevrilməsinə səbəb olmuşdur. İndi başlıca vəzifə artan maliyyə imkanlarından uzun müddətdə maksimum səmərə ilə istifadə etməkdir.
Məlum olduğu kimi, cənab Prezidentin ölkənin iqtisadi inkişaf strategiyasının əsas məqsədlərindən biri 5 il ərzində 600 min yeni iş yerinin yaradılmasından ibarətdir. Bununla əlaqədar olaraq qeyri-neft sektorunda məşğulluğun artırılması istiqamətində həyata keçirilmiş tədbirlər öz bəhrəsini verir. Hər il yeni-yeni müasir müəssisələr fəaliyyətə başlayırlar. Sözsüz ki, qeyd olunan işlərin həyata keçirilməsində özəl sektor böyük rol oynayır və bu sahənin daha da inkişaf etdirilməsi diqqət mərkəzindədir.
Son zamanlar Sahibkarlığa Kömək Milli Fondu kiçik və orta sahibkarların maliyyə vəsaitlərinə olan tələbatın ödənilməsinin mühüm real mənbəyi kimi çıxış etməkdədir. 2002-2005-ci illər ərzində Sahibkarlığa Kömək Milli Fonduna bu məqsədlə dövlət büdcəsindən 74 milyon manat vəsait ayrılmışdırsa, yalnız 2006-cı ildə bu rəqəm 80 milyon manat təşkil etmişdir. Cari ildə bu vəsait hesabına 85 faizi regionlarda olmaqla, sənaye, kənd təsərrüfatı, turizm və digər sahələrdə 1500-ə yaxın sahibkarlıq subyektlərinin investisiya layihələri maliyyələşdirilmiş, bunun nəticəsində 14 min 500-ə qədər yeni iş yerləri yaradılmışdır.
Ölkənin sənaye potensialının sistemli şəkildə reallaşdırılması, ixrac qabiliyyətinin artırılması məqsədi ilə ilk sənaye şəhərciyinin yaradılması üzrə tədbirlər həyata keçirilməkdədir. Fəaliyyəti ölkənin ixrac qabiliyyətinin artırılması və xarici investisiyaların cəlb edilməsinə yönəlmiş Azərbaycanda İxracın və İnvestisiyaların Təşfiqi və Məsləhət Fondunun yaradılması təmin edilmişdir. Dövlət-sahibkar münasibətləri inkişaf etdirilmiş, sahibkarlığın dövlət tənzimlənməsi sisteminin təkmilləşdirilməsi istiqamətində əhəmiyyətli addımlar atılmışdır. Sahibkarların hüquqlarının müdafiəsinin işlək mexanizmləri yaradılmış, onların tətbiqi nəticəsində müdaxilə halları azalmışdır. Sahibkarlığa dair məsləhət, informasiya və biznes sisteminin yaradılmasına başlanılmış, cari ildə daha 2 regional bölmənin, Lənkəran və Qazax bölmələrinin yaradılması təmin edilmiş, bununla regional bölmələrin sayı 4-ə çatmışdır.
Hörmətli millət vəkilləri, bütün qeyd olunan tədbirlərin nəticəsində ölkədə son 3 ildə 470 mindən artıq iş yerləri yaradılmışdır ki, bunun da 240 mini daimi iş yerləridir. Yeri gəlmişkən, bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Cənab Prezidentin sərəncamı ilə yaradılmış Dövlət İnvestisiya Şirkəti neft gəlirlərinin qeyri-neft sahələrinə yönəldilməsində çox mühüm vasitədir. Bu istiqamətdə işlər artıq başlanmışdır. Cari ildə beynəlxalq maliyyə institutları, iqtisadi təşkilatlar ilə əməkdaşlıq daha da genişləndirilmiş, Ümumdünya Ticarət Təşkilatına üzvlük ilə bağlı danışıqlar davam etdirilmişdir. Bu əməkdaşlıqda ölkənin milli maraqlarının qorunması əsas prinsip kimi qoyulmuşdur.
Qeyd olunan uğurlarla bərabər, təəssüflə bildirməliyəm ki, son aylar ölkədə bir sıra istehlak mallarının qiymətlərinin yüksəlməsində süni artırma faktoru müşahidə olunur ki, bu da ciddi narahatlıq doğurur. Təsadüfü deyil ki, Nazirlər Kabinetinin cari ilin 9 ayının sosial-iqtisadi yekunlarına həsr olunmuş iclasında cənab Prezident bu məsələnin həllini çox ciddi bir vəzifə kimi irəli sürmüş və hazırda bu istiqamətdə zəruri tədbirlər görülməkdədir. Belə ki, hazırda İqtisadi İnkişaf Nazirliyi tərəfindən gömrük, vergi və digər müvafiq orqanların, həmçinin mal istehsalı, idxalı və satışı ilə məşğul olan hüquqi və fiziki şəxslərin məlumatları əsasında aparılan araşdırmalar zamanı əmtəə bazarlarında rəqabətin vəziyyəti araşdırılır, antiinhisar qanunvericiliyin pozulması faktları aydınlaşdırılır, onların aradan qaldırılması və təqsirkar şəxslərin cəzalandırılması üçün tədbirlər görülür.
Əmtəə bazarında rəqabətin qorunması və inkişafı səviyyəsində həyata keçirilməli olan siyasət barəsində də təkliflər hazırlanır. Bununla yanaşı, bazarlarda meyvə-tərəvəz və digər kənd təsərrüfatı məhsullarının, eləcə də tikinti materiallarının, xüsusi ilə də sementin qiymətinin süni şəkildə artırılması müşahidə olunmuşdur. Qanun pozuntusuna yol verilməsi hallarına qarşı aparılan mübarizənin dünyada qəbul edilmiş sivil qaydalara uyğunlaşdırılması, bu sahədə dövlət nəzarətinin vahid istiqamətinin müəyyən edilməsi, ölkənin əmtəə və maliyyə xidmətləri bazarında inhisarçı müəssisələrin öz hakim mövqelərindən istifadə hallarının və haqsız rəqabətin qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması üçün mühüm işlər görülür. Bu sahədə qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin layihəsi hazırlanaraq Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmişdir.
Eyni zamanda təbii inhisarların istehsal etdikləri məhsulların və göstərdikləri xidmətlərin qiymətlərinin dövlət tərəfindən sahələr üzrə tarazlıq şəklində tənzimlənməsi məqsədi ilə Tarif Şurası cari ildə müxtəlif sahələrlə bağlı 16 qərar qəbul etmişdir. Qeyd olunan tədbirlər növbəti illərdə də ardıcıl şəkildə davam etdiriləcəkdir.
Hörmətli millət vəkilləri! Bildiyiniz kimi, “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq Azərbaycan Respublikasının 2007-ci və gələn üç il üzrə sosial-iqtisadi inkişaf konsepsiyası və əsas makroiqtisadi göstəricilərin proqnozu hazırlanır. Bununla əlaqədar olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən hazırlanmış 2007-2010-cu illər üçün iqtisadi inkişaf konsepsiyası, dövlət investisiya proqramı ilə bağlı bəzi məlumatları və eləcə də bir sıra vacib makroiqtisadi göstəricilərin proqnozunu diqqətinizə çatdırmaq istərdim. İlk öncə qeyd olunmalıdır ki, proqnozlar hazırlanarkən əvvəlki dövrlərdən fərqli olan aşağıdakı bir sıra amillər nəzərə alınmışdır:
1) əvvəlki illərdə uğurla həyata keçirilmiş iqtisadi siyasət nəticəsində ümümdaxili məhsulun yüksək artım tempi.
2) qəbul edilmiş neft strategiyasının reallaşdırılması nəticəsində ölkəyə valyuta axınının və səviyyə balansının cari hesabı prosesinin kəskin artması.
3) inflyasiya təzyiqinin və manatın bahalaşma meyllərinin güclənməsi, eyni zamanda ölkənin maliyyə imkanlarının artması, milli iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması, regionların inkişafının sürətləndirilməsi, yeni iş yerlərinin yaradılması əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə yaxşılaşdırılması üçün əvvəllər mövcud olmayan böyük perspektivlər açıb.
Bununla əlaqədar cənab Prezidentin müəyyən etdiyi siyasətə uyğun olaraq sosial-siyasi inkişaf konsepsiyasında orta müddətli dövr üçün iki əsas strateji məqsəd ön plana çəkilmişdir. Birinci, əvvəlki illərdə həyata keçirilmiş iqtisadi siyasətin davam etdirilməsi yolu ilə liberal bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılması prosesinin sürətləndirilməsidir. İkinci, sosial sahələrin inkişafına dövlət dəstəyinin gücləndirilməsi vasitəsi ilə əhalinin həyat səviyyəsinin əhəmiyyətli dərəcədə yüksəldilməsi nəzərdə tutulur. Bu strateji məqsədlərə nail olmaq üçün aşağıdakı əsas vəzifələr müəyyən edilmişdir: əldə edilmiş makroiqtisadi sabitliyin qorunması; inflyasiyanın və manatın ABŞ dollarına nisbətən məzənnəsinin kəskin artmasına yol verilməməsi; qanuni iqtisadi inkişafın təmin olunması məqsədi ilə qeyri-neft sektorunun inkişafının prioritetliyinin təmin edilməsi; iqtisadiyyatın diversifikasiyasının dəstəklənməsi; optimal regional strukturun formalaşdırılması; investisiya mühitinin daha da yaxşılaşdırılması; inhisarçılığın mübarizə tədbirlərinin gücləndirilməsi və sahibkarlığın dinamik inkişafının təmin edilməsi; infrastruktur sahələrin sürətli inkişafının davam etdirilməsi; insan kapitalı inkişafını təmin edən siyasətin daha da gücləndirilməsi; təhsil, səhiyyə sahələrində islahatların aparılması; səmərəli məşğulluq siyasətinin davam etdirilməsi; əhalinin aztəminatlı təbəqəsinin sosial təminatında istehsal müdafiəsinin daimi gücləndirilməsi; yoxsulluğun azaldılması istiqamətində işlərin sürətləndirilməsi və bunların nəticəsində gələcəkdə davamlı inkişafa zəmin yaradılması.
Hörmətli millət vəkilləri, bildiyiniz kimi, davamlı inkişafın təmin edilməsi məsələsi sahibkarlığın inkişafında yeni tələblər irəli sürdü. Ona görə də 2007-2010-cu illərdə sahibkarlığın inkişafı sahəsində dövlət siyasəti və onun reallaşması tədbirlərini bir sistem halında əhatə edən, sahibkarlığın inkişafının öncül istiqamətlərini, bu prosesə dövlət dəstəyinin forma və üsullarını müəyyən edən orta müddətli dövlət proqramı hazırlanır. Qeyd olunan proqrama uyğun qeyri-neft sektorunun inkişafı, neft gəlirlərindən bu məqsədlə səmərəli istifadə edilməsi istiqamətində sahibkarlığın dəstəklənməsi, dünya praktikasında müvəffəqiyyətlə tətbiq edilən təşkilati modellərin – kiçik iqtisadi zonaların sənaye şəhərciklərinin yaradılması təmin ediləcək. Bu modellər öncül sahələrdə və regionlarda sahibkarlığın inkişafına sosial-iqtisadi inkişafın sürətləndirilməsinə yol açacaqdır. İnnovasiya prosesinin reallaşdırılması, onun milli sisteminin yaradılması, yeni texnologiyanın tətbiqi əsasında ölkə iqtisadiyyatının rəqabət qabiliyyətinin təmin edilməsi qarşımızda duran əsas vəzifələrdir. Yaxın dövrlərdə bu istiqamətin reallaşmasına xidmət edəcək işlər görüləcəkdir.
Hörmətli millət vəkilləri, proqnozlara əsasən son illərdə müşahidə olunan yüksək iqtisadi artım tempinin 2007-ci ildə də təmin ediləcəyi şübhə doğurmur. Orta müddətli sosial-iqtisadi inkişaf konsepsiyası ilə nəzərdə tutulmuş sosial-iqtisadi inkişaf tədbirlərinin həyata keçirilməsi nəticəsində 2007-ci ildə ümumi daxili məhsulun 22,2 milyard Azərbaycan manatı qədər artacagı, real artım tempinin 26,3 faiz təşkil edəcəyi proqnozlaşdırılıb. Neft sektorunun 44,8 faiz, qeyri-neft sektorunun isə 9 faiz artacağı gözlənilir.
Müqayisə üçün demək istərdim ki, gələn il neft ehtiyatları ilə zəngin olan Rusiyada ümumi daxili məhsulun artımının 6 faiz, Qazaxıstanda 2,2 faiz olacağı proqnozlaşdırılıb. Bu isə Azərbaycanda yüksək artım templərinin yalnız neft amili ilə bağlı olmadığını göstərir. Ümumi daxili məhsulun adambaşına düşən həcminin 2007-ci ildə 27 faiz artaraq 3 min manata, 2010-cu ildə isə 5 min manata çatacağı proqnozlaşdırılıb.
Ümummilli liderimiz Heydər Əliyevin düşünülmüş neft strategiyasının uğurla həyata keçirilməsi nəticəsində proqnozlaşdırılan dövrdə Azərbaycan neft sənayesi öz inkişafında, sözün həqiqi mənasında, bum mərhələsinə qədəm qoyacaq. 2010-cu ildə 67,3 milyon ton neft hasil ediləcəkdir. Ölkə rəhbərliyinin apardığı səmərəli investisiya siyasəti nəticəsində 2007-ci ildə ölkə iqtisadiyyatına 9 milyard ABŞ dolları, 2007-2010-cu illər ərzində isə 38 milyard ABŞ dolları qədər investisiya yönəldiləcəyi proqnozlaşdırılacaqdır ki, onun 85 faizindən çoxu qeyri-neft sektorunun payına düşəcək. Yatırılan investisiyaların sahələrə görə daxili (dövlət və özəl) və xarici (birbaşa və borc) mənbələr üzrə optimal proporsiyalarla cəlb olunmasına yönəlmiş siyasətin orta müddətli dövrdə də davam edəcəyi ehtimal olunur. Orta müddətli dövlət investisiya proqramı üzrə ümumi xərclərin 10 milyard manat olması planlaşdırılır. Həmin məbləğin də 25 faizi daxili, 75 faizi isə xarici mənbələrdən maliyyələşdiriləcəkdir. Proqramın həyata keçiriləcəyi dövrdə dövlət investisiya siyasəti və proqramı milli sektorun inkişaf strategiyasında qəbul olunmuş dövlət proqramlarına uyğun qaydada infrastruktur sahələrin, regionların, insan kapitalının, sosial təminatın, qeyri-neft sektorunun inkişafını təmin edəcək, stimullaşdırmanın və ixrac potensialının gücləndirilməsinin dəstəklənməsinə xidmət edəcəkdir.
Hörmətli millət vəkilləri! Azərbaycanda mal və xidmətlərin rəqabət qabiliyyətinin proqnozlaşdırılan artımı özünü, ilk növbədə, istehsal mallarının idxalı səviyyəsinin stabilləşməsində və qeyri-xammalın ixracatının artımında biruzə verəcək. İnvestisiya təyinatlı idxal mallarının həcmi daha yüksək templərlə artacaq. 2007-ci ildə mallar üzrə xarici ticarət dövriyyəsi 19,7 milyard ABŞ dolları, o cümlədən ixrac 15,6, idxal isə 4,1 ABŞ dolları səviyyəsində proqnozlaşdırılır. Bu da 2005-ci illə müqayisədə 1,7 dəfə çoxdur.
Əhalinin sosial vəziyyətinin əhəmiyyətli dərəcədə artacağı gözlənilir. Belə ki, gələn il əhalinin gəlirləri 22,5 faiz, 2010-cu ildə isə 2 dəfəyə qədər artacaqdır. 2007-ci ildə iqtisadiyyatın ayrı-ayrı sahələrində çalışan muzdlu işçilərin orta aylıq əmək haqqı cari ildə gözlənilən 155,5 manatdan 190,3 manata, 2010-cu ildə isə 354,5 manata çatacaqdır. 2010-cu ildə minimum əmək haqqı, pensiyanın baza hissəsi və işsizlik üzrə müavinətlər ölkə üzrə yaşayış minimumuna çatdırılacaq və yoxsulluq səviyyəsi əhəmiyyətli dərəcədə azaldılacaqdır. Beləliklə, qeyd olunan tədbirlər Azərbaycan Respublikasının 2007-2010-cu illərdə daha sürətli sosial-iqtisadi inkişafı əsasında səmərəli sosial təminat sisteminin yaradılması ölkə vətəndaşlarının yaşayış səviyyəsinin dirçəlməsini təmin edəcəkdir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Yekunda əmin olduğumu bildirmək istəyirəm ki, Milli Məclisə təqdim olunmuş sənədlərin səmərəli və məhsuldar müzakirələri aparılacaq, ötən ildə olduğu kimi, söyləniləcək dəyərli fikirlər və təkliflər əsasında büdcə zərfinə daxil olan sənədlər daha da təkmilləşdiriləcək, qəbul edəcəyiniz yeni qanunlar iqtisadiyyatın daha sürətli inkişafına xidmət edəcəkdir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, hörmətli nazir. Söz Azərbaycan Respublikasının vergilər naziri Fazil Məmmədova verilir.
F. Məmmədov, Azərbaycan Respublikasının vergilər naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ümummilli liderimiz Heydər Əliyevin həyata keçirdiyi uğurlu iqtisadi siyasət saysində Azərbaycan iqtisadiyyatı bazar iqtisadiyyatı prinsipi əsasında yenidən qurulmuş, ölkə iqtisadiyyatının mühüm sahələrində böyük nailiyyətlər əldə olunmuş, makroiqtisadi sabitlik möhkəmləndirilmiş, iqtisadiyyatın tarazlığı, inkişafı təmin olunmuşdur.
Ulu öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf strategiyasının son iki il ərzində möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən böyük dinamik inkişafla davam etdirilməsi daha uğurlu nəticələrlə müşahidə olunmaqdadır. Böyük uğurlarla zəngin olan bu müddətdə ölkəmizin iqtisadi artım sürəti xeyli yüksəlmiş, respublikamız MDB məkanında, hətta bütün dünyada lider dövlətə çevrilmişdir.
Ölkə rəhbərliyinin gərgin əməyi və yüksək tələbkarlığı saysində əldə edilmiş bu uğurlar vergi daxilolmalarının artımına da öz təsirini göstərmişdir. İqtisadiyyatda mövcud olan bu yüksəlişin nəticəsi olaraq 2006-cı ilin yanvar-sentyabr ayları ərzində Vergilər Nazirliyi üçün proqnozlaşdırılmış 1 milyard 785 milyon manat əvəzinə dövlət büdcəsinə 1 milyard 979 milyon manat vəsait daxil edilmiş, proqnoz 101 faiz icra edilmişdir. Qeyd olunan dövrdə toplanan vəsait ümumi daxili məhsulun 14 faizini, ümumi büdcə gəlirinin 67 faizini təşkil etmişdir. 2006-cı ilin yanvar-sentyabr aylarında büdcəyə daxil olmuş vəsaitlərin həcmi 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 782 milyon manat və ya 77 faiz çox olmuşdur.
Neft sektoru üzrə 1 milyard 48 milyon manat proqnoza əməl olunmuş, icra 100 faiz təmin edilmişdir ki, bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 668 milyon manat və ya 1,8 dəfə çoxdur. Dövlət başçısının ölkə iqtisadiyyatının neft sektorundan asılılığının aradan qaldırılması, özəl sektorun inkişafının təmin edilməsi istiqamətində həyata keçirdiyi ardıcıl tədbirlər öz nəticəsini vermişdir. Belə ki, 2006-cı il yanvar-sentyabr aylarında qeyri-neft sektoru üzrə büdcəyə 736 milyon manat əvəzinə 750 milyon manat vəsait daxil olmaqla proqnoz 102 faiz icra edilmişdir. Bu da 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə 114 milyon manat çoxdur.
Ötən il ərzində büdcəyə ölkədə əmək haqlarının artması və yeni iş yerlərinin yaradılması sayəsində 58 milyon manat, yeni yaradılmış sahibkarlıq subyektlərindən 17 milyon manat vergi daxil olmuşdur. Məlumat üçün deyim ki, 2006-cı ilin yanvar-sentyabr ayları ərzində ümumi vergi daxilolmalarının 35 faizi dövlət sektorunun, 65 faizi isə özəl sektorun payına düşür ki, bu da 2005-ci ilin müvafiq dövrünün özəl sektor göstəricisi ilə müqayisədə 608 milyon manat və ya 111 faiz çoxdur. 2006-cı ilin yanvar-sentyabr aylarında tədiyyə növləri üzrə aparılan təhlil onu göstərir ki, 8 tədiyyə üzrə əlavə dəyər vergisi - aksiz vergisi, mənfəət vergisi, torpaq vergisi, kredit şərtlərinin gəlir vergisi, yol vergisi və sadələşdirilmiş vergi proqnozları yerinə yetirilmiş və daxilolmalar 2005-ci ilin müvafiq dövrünə nisbətən artmışdır.
Əldə edilmiş uğurlar ilk növbədə ölkə rəhbərliyinin həyata keçirdiyi uğurlu iqtisadi siyasətin nəticəsidir. Belə ki, 2006-cı ilin 9 ayı ərzində regionların inkişafı sahəsində görülən tədbirlər, eyni zamanda, ölkənin dinamik inkişafına, müəssisələrin maliyyə imkanlarının genişlənməsinə səbəb olmuş, mənfəətlə işləyən müəssisələrin sayı kəskin artmış, podratçı tərəflər mənfəətlə işləməyə başlamışlar. Nəticədə ötən 9 ay ərzində 2005-ci ilin müvafiq dövrü ilə müqayisədə dövlət büdcəsinə 583,4 milyon manat və ya 3,4 dəfə çox mənfəət vergisi daxil olmuşdur.
Ötən müddət ərzində ölkədə 140 min iş yerinin yaradılması, 9 ay ərzində əhalinin real pul gəlirlərinin artması istər dövlət, istərsə də qeyri-dövlət sektorunda əmək haqlarının artırılması, habelə dövlətin həyata keçirdiyi investisiya proqramları və sahibkarlığa kredit dəstəyi bilavasitə vergi yığımlarına müsbət təsir göstərmişdir. Büdcəyə 2005-ci ilin müvafiq göstərişinə nisbətən fiziki şəxslərin gəlir vergisi üzrə 25 faiz, əmlak vergisi üzrə 36 faizə qədər artıq vəsait daxil olmuşdur.
2006-cı ildən başlayaraq Vergilər Nazirliyi tərəfindən müvafiq informasiya texnologiyalarının tətbiqi ilə vergi nəzarəti gücləndirilmiş, əlavə dəyər vergisi ödəyicilərinin fəaliyyətinə nəzarət sərtləşdirilmişdir. Nağd hesablaşmalara nəzarətin artırılması istiqamətində həyata keçirilən tədbirlər nəticəsində əlavə dəyər vergisi ilə daxilolmalar keçən ilin müvafiq dövrü ilə müqayisədə 26 faiz, sadələşdirilmiş vergi üzrə 60,2 faiz artmışdır. Paralel olaraq nazirliyin mərkəzi informasiya bazasının imkanlarından istifadə etməklə vergi nəzarəti bütün sahələr üzrə sərtləşdirilmişdir. Son illərdə bunun nəticəsi olaraq, vergi yığımlarının sayı 4 dəfə azalmış, Vergilər Nazirliyi tərəfindən təkcə 2006-cı ilin yanvar-sentyabr ayları üzrə aparılmış səyyar vergi yoxlamaları ilə 218 milyon manat və ya kameran qaydada 36 milyon manat büdcəyə əlavə vəsait hesablanmışdır.
Antiinflyasiya tədbirlərinin gücləndirilməsi baxımından operativ vergi nəzarətinin daha da intensivləşdirilməsi istiqamətində də mühüm işlər aparılmış, 2006-cı ilin yanvar-sentyabr ayları ərzində 63 min vergi ödəyicisinə operativ vergi tədbirləri həyata keçirilmişdir. Nəticədə 62 min vergi ödəyicisinə aşkar edilən nöqsanlara görə 65 min protokol yazılmış və bunun əsasında 40 milyon manatdan çox inzibati cərimə tətbiq edilmişdir. Bu da 2005-ci ilin müvafiq dövründən 8 dəfə çoxdur.
Təkcə son üç ayda Vergilər Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı operativ vergi nəzarəti tədbirləri Bakı şəhərinin bütün ticarət, iaşə və xidmət obyektlərini əhatə etmiş, 30 mindən artıq vergi ödəyicisində qanun pozuntusu halları müəyyənləşdirilmişdir. Vergi ödəyicilərinə 2 milyon 712 min manat məbləğində inzibati cərimə kəsilmişdir. Bütün bunların sayəsində Bakı şəhərində nağd hesablaşmaların sivil formada, qanunla aparılmasında əhəmiyyətli irəliləyişə nail olmuşuq.
Vergilər Nazirliyi borclu vergi ödəyicilərinin sayının azaldılması istiqamətində də təsirli işlər görür. Məsələn, ilin əvvəlində 46 min vergi ödəyicisinin borcu var idi. 2006-cı il oktyabrın 1-də keçirilən inventarlaşdırmadan sonra borclu ödəyicilərin sayı 12 min 500-ə düşmüşdür. Qeyri-neft sektorunda isə cəmi 2 minə qədər borclu ödəyici qalmışdır. Ötən illə müqayisədə müvafiq məlumatlandırma və digər tədbirlər nəticəsində vergi orqanlarının sərəncamı ilə 20 min ödəyicinin bank hesabından vəsaitlərin silinib büdcəyə ödənilməsi əməliyyatı aparılmış, nəticədə 15 min 992 ödəyicinin borcu üzərindən götürülmüşdür. Müvafiq məhkəmələrin qərarı ilə borclu ödəyicilərin əmlaklarının hərrac vasitəsi ilə satışı nəticəsində 110 ödəyicinin borcları tamamilə ödənilmişdir. Hal-hazırda ölkədə fəaliyyət göstərən vergi ödəyicilərinin 90 faizdən çoxunun vergi borcu yoxdur. Bu da inkişaf etmiş ölkələrin müvafiq göstəricilərinə uyğundur.
Vergilər Nazirliyinin vergi mədəniyyətinin yüksəlməsi istiqamətində həyata keçirdiyi tədbirlər 2006-cı ildə də davam etdirilmişdir. 195 nömrəli vahid telefon xidmətinin əhatə dairəsi genişləndirilərək bütün respublikaya şamil olunmuş, son nəticədə vergi ödəyiciləri tərəfindən vergi bəyannamə və hesabatlarının vaxtında təqdim edilməsi indeksin yüksəlməsinə gətirib çıxarmış, könüllü bəyannamə təqdim edən intizamlı vergi ödəyicilərinin sayı 93 faizə çatmışdır. Bu da MDB-də ən yüksək göstəricidir.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sizə təqdim olunmuş 2007-ci ilin dövlət büdcəsi layihəsində büdcə gəlirlərinin 5 milyard 335 trilyon manat olması, bu mədaxil proqnozun 3 milyard 980 milyon manatının və ya 74,6 faizinin Vergilər Nazirliyi tərəfindən icrası nəzərdə tutulmuşdur. Qeyd etmək lazımdır ki, 2007-ci il üçün nəzərdə tutulmuş proqnoz 2006-cı ilin proqnoz məbləğindən 1 milyard 359 milyard manat və ya 51,9 faiz çoxdur. Bu artımın 851 milyon manatı neft sektorunun, 508 milyon manatı qeyri-neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə proqnozlaşdırılan məbləğ 2006-cı ilin proqnozuna nisbətən 47,4 faiz artıbdır.
2007-ci ildə büdcə gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisinin 24 faiz təşkil edəcəyi proqnozlaşdırılır ki, bu da MDB-yə üzv ölkələrinin analoji orta göstəricisindən yüksəkdir. Qeyd etmək lazımdır ki, 2006-cı ilin dövlət büdcəsinin proqnoz tapşırıqlarında keçən ilə nisbətən artımının əsas hissəsi mənfəət vergisi, əlavə dəyər vergisi, fiziki şəxslərin gəlir vergisi və vergi olmayan sair gəlirlərin payına düşür. Belə ki, 2007-ci ilin büdcəsi proqnozlaşdırılarkən mənfəət vergisi üzrə daxilolmalar 2006-cı ilin proqnozu ilə müqayisədə 904 milyon manat artıq nəzərdə tutulmuşdur.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən regionların inkişafı, yeni iş yerlərinin açılması sahəsində həyata keçirilən uğurlu iqtisadi siyasət ölkənin dinamik inkişafını daha da sürətləndirmişdir. Bu da öz növbəsində müəssisələrin maliyyə imkanlarının genişlənməsinə, investisiya qoyuluşlarının artmasına gətirib çıxarmışdır. Qazanılan hər bir nailiyyət, hasilatın pay bölgüsü sazişlərinə əsasən fəaliyyət göstərən podratçı tərəflərin mənfəət vergisi ödənişlərinin cari ilə nisbətən artımının proqnozlaşdırılması 2007-ci ildə mənfəət vergisində gözlənilən artımın təmin edilməsi üçün nikbinlik yaradır.
2007-ci il üçün proqnozlaşdırılan artımın 160 milyon manatının əlavə dəyər vergisi üzrə daxilolmaların hesabına olacağı gözlənilir. 2007-ci ildə təqribi nəzərdə tutulan əlavə dəyər vergisinin bank hesablarının tətbiqi ilə vergidən yayınmaların qarşısının alınması və bu vergi növü üzrə müəyyən olunmuş proqnoz tapşırıqların yerinə yetirilməsi buna əminlik yaradır. 2007-ci ildə proqnozlaşdırılan artımın 152,5 milyon manatı fiziki şəxslərdən tutulacaq gəlir vergisindən gözlənilir.
Yeni iş yerlərinin açılması ilə ölkədə həyata keçirilən ardıcıl tədbirlər istər büdcə təşkilatlarında, istərsə də digər sahibkarlıq subyektlərində əmək haqlarının gözlənilən artımı ilə müşahidə olunacaqdır. Minimum əmək haqqı məbləğinin Azərbaycan Respublikasının Qanununa əsasən artırılması nəticəsində vergitutma bazasının genişləndirilməsinin proqnozlaşdırılması bu vergi növü üzrə 2007-ci il üçün nəzərdə tutulan proqnoz məbləğinin yerinə yetiriləcəyini sübut edir. Göründüyü kimi, ölkədə nəzərdə tutulan sosial-iqtisadi inkişaf sağlam investisiya mühitinin formalaşdırılması, digər vergi və tədiyyələr üzrə də nəzərdə tutulan artımın real olduğunu və 2007-ci ilin dövlət büdcəsinin Vergilər Nazirliyi üçün müəyyən edilmiş 3 milyard 980 milyon manat miqdarında icra olunmasına əminlik var.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 2007-ci ilin dövlət büdcəsi layihəsi istər investisiya, istər sosialyönümlülüyü baxımından möhtərəm cənab Prezidentimizin uğurla həyata keçirdiyi siyasətin təsdiqidir. Bunu nəzərə alaraq sizə təqdim olunan 2007-ci ilin dövlət büdcəsi layihəsinə səs verməyinizi xahiş edirəm. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun, hörmətli nazir. Söz verilir Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri Elman Rüstəmova.
E. Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Cənab Sədr, cənab Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! Milli Məclisin müzakirəsinə təqdim edilən 2007-ci ilin büdcə layihəsi, respublikamızın gələn ilə sosial-iqtisadi inkişaf proqnozları həm ölkəmizdə mövcud makroiqtisadi vəziyyətə qiymət vermək, həm də gələn ildən qarşıda duran əzəmətli vəzifələri müzakirə etmək baxımından olduqca əlverişli bir imkandır. Yaşadığımız tarixdə ölkə iqtisadiyyatında gedən proseslərin masştabı, dinamikası, məzmunu elə bir səviyyədədir ki, professional insani təfəkkür bəzən onun izahından, ümumiləşdirilməsindən geridə qalır.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən son üç il ərzində yüksək əzmkarlıqla, yaradıcılıqla həyata keçirilən ölkənin sosial-iqtisadi, siyasi modernizasiyaya əsaslanan strategiyası geniş masştablı nəticələr verir. Biz görürük ki, ölkəmizin, onun şəhərlərinin, kəndlərinin siması günü-gündən necə dəyişir. Bu inkişaf artıq ucqarlara gəlib çıxmaqla bütün ölkəyə siraət edir. Bu günlərdə Azərbaycanda gedən proseslər, respublikanın iqtisadi fenomeni dünyanın diqqət mərkəzindədir. 2007-ci il dövlət büdcəsinin gəlir hissəsi ölkənin artan iqtisadi imkanlarının, xərc hissəsi də həll edilən problemlərin, həyata keçirilən çoxsaylı proqramların masştabını təzahür edir. 2007-ci ildə konsolidasiya etmiş büdcənin gəlirləri 8,9 milyard Amerika Birləşmiş Ştatları dolları təşkil edəcəkdir ki, bu da təxminən 2003-cü ildə ölkənin ümumi daxili məhsulu səviyyəsindədir. Büdcə tutarlı olaraq sosial prioritetli, həm də investisiya yönümlüdür. Büdcədə milli ordumuz üçün ayrılan vəsaitlə onun daha da güclənməsi və modernizasiyası nəzərdə tutulub.
2007-ci ilin dövlət büdcəsi ölkəmizin iqtisadi quruculuğu tarixində çox mühüm bir mərhələ olacaqdır. Yüksək iqtisadi dinamika, büdcə aktivliyi ölkədə həyata keçirilən iqtisadi siyasət qarşısında da çox mühüm vəzifələr qoyub. Milli Məclisdə müzakirə edilən məsələlər kontekstində ölkədə mövcud makroiqtisadi vəziyyətə qiymət verilməsi və gələn ilin əsas vəzifələrinin müəyyən edilməsi çox maraqlı olardı. Məndən öncə çıxış edən natiqlər iqtisadiyyatın yüksək inkişaf tempi barədə kifayət qədər ətraflı danışdılar. Mən, sadəcə, bir neçə qlobal məqamı qeyd etmək istərdim. 2008-ci ildə ümumi daxili məhsulun fiziki həcminin 2005-ci ilə nisbətən 2 qat artması, 2010-cu ildə isə bu artımın 2,5 dəfəyə çatacağı proqnozlaşdırılır. 2008-ci ildə adambaşına düşən ümumi daxili məhsulun həcminin isə 3,9 min, 2010-cu ildə artıq 5 min Amerika Birləşmiş Ştatları dolları səviyyəsinə çatması gözlənilir. Qeyd edirəm ki, ölkədə adambaşına düşən ümumi daxili məhsulun həcmi 1 min ABŞ dolları səviyyəsinə 2004-cü ildə çatmışdır. Yəni təxminən 6 il ərzində ölkənin qlobal əmək məhsuldarlığı 5 dəfə artacaqdır. Dünya iqtisadi tarixində belə bir rəqəmə rast gəlməmişəm.
Yüksək makroiqtisadi şəraitin, təbii ki, iqtisadi artımdan sonra əsas problemlərindən biri inflyasiyadır. Yenə də dünya tarixi göstərir ki, həmişə yüksək iqtisadi artımla inflyasiya bir-birlərini paralel olaraq izləyən faktorlardır. Hazırda məhz bu məsələ həm ictimaiyyətin, həm əhalinin və təbii, iqtisadi idarəetmənin, dövlətin diqqət mərkəzindədir.
Milli Məclisin daimi komissiyasında dövlət büdcəsinin layihəsi müzakirə ediləndə mən belə bir məsələni qoydum: biz iqtisadi sabitlik dövrümüzə nəzər salsaq, bu, 1996–2004-cü illəri əhatə edir. O dövrdə baş verən iqtisadi artım, sabitlik göstəricilərinə dair bir neçə rəqəmi sizə demək istəyirəm. Məsələn, həmin dövrdə orta iqtisadi artım 8 faiz, orta inflyasiya isə 2,8 faiz təşkil edirdi. Dövlət büdcəsinin gəlirləri təxminən 15 faiz səviyyəsində idi. Əgər biz 2004–2006-cı illərin göstəricilərinə qayıtsaq, bu dövrdə ümumi daxili məhsul 23 faiz, büdcə 51 faiz, pul kisəsi 47 faiz artıbdır. İnflyasiyanın orta artımı tam olmayan üç il ərzində 8 faiz təşkil edir. Yəqin ki, bu göstəricilər arasında müəyyən əlaqə görünür.
Bu gün biz belə yüksək iqtisadi dinamika, büdcə xərcləri, ölkədə həyata keçirilən geniş masştablı iqtisadi quruculuq işləri ilə üz-üzəyik. Belə bir zamanda gözlənti bu cür, yəni inflyasiya səviyyəsi 2,2 faiz səviyyəsində olmalıdırmı? Məncə, yox. Xalqı, dövləti üçün məqbul olan, bu işləri görən, bu proqramları həyata keçirən Azərbaycanda isə inflyasiya bir səviyyədir və mən bu məsələyə bir də qayıdacağam. Bu gün inflyasiyanın baş verməsinin bir neçə əsas səbəbi nədən ibarətdir? Təbii ki, Heydər müəllim bu haqda danışdı.
Əhalinin nominal gəlirlərinin 23 faiz, dövlət xərclərinin 70-80 faiz artdığı bir şəraitdə, biz bilirik ki, tələb və təklif mexanizminin nisbəti tələbin xeyrinə dəyişir. Bu gün qeyri-neft sektorunda iqtisadi artımın həcmi 7,4 faiz olmuşdur. Kənd təsərrüfatı sahəsində isə əlverişli iqtisadi artım özünü minusla göstərmişdir. Əhalinin gəlirlərinin yüksəldiyi, artdığı bir şəraitdə tələb və təklif arasında nisbət pozulur. Neftin qiymətlərinin artması, təbii ki, bir tərəfdən bizim imtiyaz paketimizin artmasına, valyuta gəlirlərimizin çoxalmasına səbəb olursa, digər tərəfdən isə nefti istehsal və istehlak edən ölkələrdə xərc inflyasiyası yaradır. Biz öz ödəmə balansımızdan görürük ki, bu xərc inflyasiyası necə geriyə dönür. Biz idxalımızın tərkibinə baxsaq, burada əhəmiyyətli bahalaşma görməliyik. Bu, neft istehlakı ilə məşğul olan, onu idxal eləyən ölkələrin təbii reaksiyasıdır.
Digər bir faktor ölkədə xərc inflyasiyasıdır. Bu məsələ haqqında da danışıldı. Bu gün ölkədə xərclər yüksəlir. Bu xərclər bəzən qeyri əsaslandırılmış görünür. Məsələn, 9 ayda sənayedə topdansatış qiymətləri 19 faiz, kənd təsərrüfatında istehsalçı qiymətləri 13 faizə qədər artmışdır. Bu gün bəzi məhsulların qiymətlərinin artıma doğru hərəkəti isə izah olunan deyil. Bu haqda da bir qədər əvvəl danışıldı və görüləcək tədbirlər haqqında deyildi. Hətta sementin qiyməti bu gün bizim istehlak səbətinə, inflyasiya səbətinə daxil deyil. Artıq təcrübə göstərir ki, bəzi qiymətlərin bazarda bu cür dəyişkənliyi kifayətdir ki, başqa qiymətlər istehlak bazarı üçün olduqca pis siqnallar versin. Bu məsələlər bu gün hökumətin diqqət mərkəzindədir və yəqin ki, çox yaxın vaxtlarda həmin istiqamətdə effektli tədbirlər görüləcəkdir.
Bütövlükdə ilin əvvəlində inflyasiyanın səviyyəsi cəmi 7,6 faiz olmuşdur. Bu, yəni təkrəqəmli inflyasiya hökumətin, eyni zamanda Milli Bankın əsas məqsədinə uyğundur. Bizim qarşımızda duran əsas vəzifə ilin sonuna qədər təkrəqəmli inflyasiya səviyyəsini qoruyub saxlamaqdır. Lakin bu gün bir daha qeyd eləmək istəyirəm ki, inflyasiyanın səviyyəsi təkcə monetar amillərlə bağli deyildir. Bunun səviyyəsi cəmi 45 faizdirsə, şübhəsiz, bununla məsələni həll etmək mümkün deyil. Əgər bu gün kimsə düşünür ki, monetar kranı açmaqla, bağlamaqla və ya “monetar rubilnik” deyirlər, bunu aşağı-yuxarı endirməklə bu məsələni tam həll etmək mümkündür, bu, belə deyil. Odur ki, qeyri-monetar amillər bizim diqqət mərkəzimizdə olmalıdır və artıq mən bunun istiqamətlərini qeyd etdim.
Cənab Prezidentin antiinflyasiya tədbirləri haqqında məlum fərmanı var. Bu fərmanda bütün antiinflyasiya tədbirləri tam əhatə olunmuşdur. Bu gün faktiki olaraq bizim əsas vəzifəmiz cənab Prezidentin fərmanında qoyulan məsələləri həll etməkdir. Yaxın gələcəyimizdə bu məsələlər bir günlük və ya bir illik iqtisadi situasiya deyil. Bu, uzunmüddətli iqtisadi inkişaf kursudur və cənab Prezident bu haqda dəfələrlə deyibdir.
Biz aldığımız yüksək neft gəlirlərini bu gün diversifikasiya olunmuş çox yüksək rəqabətli bir iqtisadiyyata çevirməli, geniş masştablı sosial-iqtisadi infrastruktur problemlərini həll etməliyik. Belə olan şəraitdə biz çox dəqiq düşünülmüş həm sosial siyasət, həm də antiinflyasiya tədbirləri həyata keçirməliyik.
Əhalinin müəyyən qrupları inflyasiyaya çox həssasdırlar. Biz bilirik ki, başlıca olaraq meyvə-tərəvəz inflyasiyası baş verib. Bu inflyasiya gəliri az olan əhalinin büdcəsində əsas yer tutub. Bunu nəzərə alaraq, hesab edirəm ki, qəbul olunmuş “Ünvanlı dövlət sosial yardımı haqqında” Qanun olduqca səmərəli işləməlidir. Biz bu qanundan istifadə etməklə əhalinin aztəminatlı hissələrini müdafiə etməliyik.
Müqayisə üçün deyək ki, MDB ölkələrində də yüksək inflyasiya baş verir. Bizimlə oxşar iqtisadi struktura malik olan Qazaxıstanda ilin əvvəlindən inflyasiya səviyyəsi 8,5 faiz, Rusiyada isə 7,2 faizə çatıbdır. İkinci əsas problemlərdən biri manatın məzənnəsi ilə bağlıdır. İqtisadiyyatda bu məzənnə makroiqtisadi amil kimi qəbul olunmur. Amma bunu Azərbaycan iqtisadiyyatı üçün olduqca mühüm bir makroiqtisadi amil hesab etmək olar. Manatın məzənnəsi bu gün dinamikaya malikdir. Manat bununla hara gedir, niyə bahalaşır? Bu suallar həm mediyada, həm cəmiyyətdə, həm də iqtisadçı alimlər arasında geniş müzakirə olunur.
Bu gün manatın məzənnəsinə əhəmiyyətli təzyiqin olduğu aydındır. İlin əvvəlində büdcə layihəsi tutulanda biz qeyd etmişdik ki, bazarda 800 milyon Amerika Birləşmiş Ştatları dollarına yaxın valyuta artıqlığı olacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, bazar, valyuta idxalçıları özləri valyutaya bu tələbatı qəbul etməyəcəklər, bunu almayacaqlar. Bunu almaq hökumətin və Milli Bankın üzərinə düşəcəkdir.
Bugünkü 10 aylığın nəticələri göstərir ki, bizim proqnozlar dəqiqdir və bu gün Azərbaycan valyuta bazarı üçün 600 milyon ABŞ dollarına qədər vəsait almışdır. Əgər Milli Bank bu valyuta vəsaitlərini almasaydı, bu gün manatın məzənnəsi ən azı 10-15 faiz aşağı olmalı idi. Biz onun qarşısını almışıq və bu günə olan bahalaşma təxminən 5 faizdir. Biz, faktiki olaraq Dövlət Neft Fondunun dövlət büdcəsinə verdiyi transfer səviyyəsində bazardan vəsait almışıq. Bu vəsait istifadə üçün dövlətin strateji valyuta ehtiyatlarına əlavə olunmuşdur.
5 faizli inflyasiya Azərbaycan üçün qoxuludurmu? Hesab edirəm ki, yox. Müqayisə üçün deyim ki, bu gün rus rublu 7 faizə qədər, qazax tenqesi də 5 faizdən yuxarı möhkəmlənmişdir. Sizin yadınızda olar, professionallar buna “avro-dollar rallisi” deyirlər. Bunu yadınıza salmaq istəyirəm. 1999-cu ildə avro 1/17 Amerika Birləşmiş Ştatları dollarına nisbətdə dövriyyəyə buraxıldı. Qısa müddətdə bu, gəldi 0/83-ə düşdü. Sonra, 2004-cü ildə yenidən öz pikinə qayıtdı, 1/37 oldu. Yəni qısa bir müddətdə avro-dollar münasibətləri təxminən 65 faiz dəyişdi. Gəlin baxaq, bununla Avropa iqtisadiyyatı, avro zonası çökdümü? Yox. Heç bir şey baş vermədi və həmin iqtisadi zona bu gün də effektli fəaliyyət göstərir. Bu gün müşahidə olunan göstəricinin Azərbaycanda 5 faiz səviyyəsində dəyişməsindən heç bir faciə, ajiotaj yaratmaq lazım deyil. Dediyim kimi, avro zonasında bu göstərici təxminən 66 faiz baş vermişdir. Hətta, qeyd etdiyimiz göstəricinin özünü də təkmil saymaq olmaz. Bu, nominal bir göstərici, nominal bir dəyişmədir.
Biz, iqtisadçılar bankda ikitərəfli məzənnəyə baxırıq. Rublun özü də, qeyd elədiyim kimi, möhkəmlənir. Rusiyanın özündə də inflyasiya gedir. Biz həmişə qeyri-neft ixracı olan ölkənin özündə inflyasiyanın səviyyəsi necədir və orada valyutanın özü necə dəyişibdir, ona baxırıq. Çünki bu, ikitərəfli üstünlükdür, ikitərəfli əlaqədir. Əgər Rusiyada daha yüksək inflyasiya baş verirsə və rubl Azərbaycan manatına nisbətən daha çox möhkəmlənirsə, hesablamalar göstərir ki, Azərbaycan burada üstünlüklər əldə eləyir.
Bütövlükdə, 10 ayın nəticəsi barədə məlumat vermək istəyirəm. 10 ayda manatın effektiv, yəni ikitərəfli məzənnəsi neytraldır, sıfırdır. Bu o deməkdir ki, Azərbaycanın qeyri neft ixracatçılarının rəqabət qabiliyyətinə təsiri sıfırdır. Göstəricilərdə qeyd olunur ki, 10 ay ərzində qeyri-neft ixracı 48-50 faizə qədər artmışdır. Son altı ildə isə manatın effektiv məzənnəsi 26 faiz aşağı düşmüş və Azərbaycanın qeyri-neft ixracatçıları üçün əhəmiyyətli üstünlük yaradılmışdır.
Makroiqtisadi analizin tam olması üçün, hökmən, işsizlik məsələsi ilə məşğulluq məsələsinə toxunmaq lazımdır. Burada artıq qeyd edildi ki, açılan iş yerlərinin sayı 470 mindir və artıq 500 minə yaxınlaşır. Cənab Prezident öz seçki platforması üçün öncə bu məsələni elan edəndə, hətta skeptiklər vardı, deyirdilər ki, bu necə olacaq, dövlət 600 min iş yerini nə cür açacaq? Bu, qeyri-mümkündür. Cənab Prezident bu iş yerlərinin dövlətdə açılmasını nəzərdə tutmurdu. Təbii ki, Azərbaycanda, eyni zamanda regionlarda iqtisadi aktivlik elə bir səviyyəyə gəlib çatacaq ki, real 600 min iş yeri həddini də aşmaq mümkün olacaqdır. Bu gün real proqnoz ondan ibarətdir ki, 600 min iş yerinin açılması göstəricisinə, hətta gələn il nail olmaq ehtimalı var.
Bunu yada salmaq kifayətdir ki, Azərbaycanda, bütövlükdə iqtisadiyyatımızda məşğulluğun səviyyəsi 3,8 milyon nəfərə qədərdir. Bu, təxminən son üç ildə ölkədə işsizlik səviyyəsinin 10-12 faiz azalması deməkdir. Bu, olduqca əhəmiyyətli bir göstəricidir və çox vaxt iqtisadi təhlildən kənarda qalır.
Bir neçə kəlmə də bəlkə kontekstdən kənara çıxdım. Hesab edirəm ki, millət vəkilləri bu haqda soruşacaqlar. Samir müəllim də öz çıxışında ipotekaya ayrılan vəsait haqqında danışdı. İpoteka haqqında, hər şeydən əvvəl onu demək istəyirəm ki, SSRİ dövlətinin 70 ildə həll edə bilmədiyi bir problemi hazırda bu yolla həll etmək mümkündür.
Biz bilirik ki, sivil dünyada mənzil problemi ipoteka yolu ilə həll olunur. Amerika Birləşmiş Ştatlarının mənzil bazarının 75 faizini ipoteka təşkil eləyir. Böyük Britaniyanın illik ipoteka bazarı 200 milyard funt sterlinqdir. Lakin biz bu yolun başlanğıcındayıq. Biz xarici təcrübəni, – həm yaxın, həm də uzaq xaricin, – çox diqqətlə öyrənirik. Yəqin özünüz də televiziyada Rusiyanın milli kanallarından birində göstərilən “Доступное жилье”yə baxırsınız və bu əlverişli mənzil proqramının çox çətinliklə getdiyini görürsünüz. Qazaxıstan ipotekanın birincici ilində cəmi 41 ipoteka krediti verə bilmişdi.
Bu gün Azərbaycanda 6 ay ərzində 140-a yaxın ipoteka krediti verilibdir. Orta faiz dərəcəsinin, baxmayaraq ki, yuxarı həddi 12 faiz, yəni 10 faizə yaxın rəqəm təşkil edir. Bu gün artıq bu sahədə təcrübə yaranıbdır. Azərbaycan Prezidenti, yadınızdadırsa, 6 aylığın yekunlarında bu haqda danışdı. Mövcud təcrübə ipotekanın zəif məqamlarını ortaya çıxardı. Bu məsələlər hökumətdə, cənab Baş nazirin yanında ətraflı müzakirə olunubdur, artıq təkliflər də hazırdır və yaxın günlərdə cənab Prezidentə təqdim olunacaqdır. Məqsəd öz şərtlərinə görə bu gün orta Avropa standartlarına, Avropa maliyyə bazarlarında olan ipoteka şərtlərinə uyğun olan bir ipoteka sxemi yaratmaqdır. O cümlədən də gənc ailələri və hətta hərbçiləri əhatə edə bilən sosial ipoteka yaratmaqdır.
İpotekanın şərtləri həm faiz dərəcələrinə görə, həm müddətinə görə, həm də ilkin ödənişin məbləğlərinə görə, bir daha qeyd eləmək istəyirəm, Avropa standartlarına yaxın olacaqdır. Hesab edirəm ki, yaxın gələcəkdə Azərbaycanda ipoteka bumu başlayacaqdır. Bu gün bizim 20 milyon manatdan çox artıq vəsaitimiz var. Gələn il üçün büdcədə 20 milyon manat vəsait nəzərdə tutulub və cənab Baş nazir artıq söz veribdir ki, bum başlasa, nə qədər vəsaitə ehtiyac olsa, – bu gün dövlətimiz varlıdır və belə bir vəsaiti tapmaq mümkündür, – İpoteka Fonduna əlavə vəsait verilməsi mümkün olacaqdır. Belə bir sistem yaranacaqdır.
Bir neçə kəlmə bank sistemi haqqında. Ölkədə gedən iqtisadi proseslərdə bank sistemi olduqca mühüm rol oynayır və ölkədə iqtisadi dinamika geniş dəstəklənir. Bu gün bank sektoru öz iqtisadi parametrlərinə görə iqtisadi dinamikaya cavab verən bir sistemdir. 9 ayda bank aktivləri 35 faiz, bankların məzmunlu kapitalı isə 30 faiz artıbdır. Uzunmüddətli kreditlərin artımı isə 90 faiz təşkil edir. Hazırda ölkə iqtisadiyyatında qoyulan kreditlərin yarıdan çoxu məhz uzunmüddətli kreditlərin payına düşür. 2003-cü ildən bəri əmanətlərin həcmi 2,8 dəfə, cari ilin 9 ayında isə 40 faiz artmışdır. İqtisadiyyatın dollarlaşması dərəcəsi də getdikcə azalır və milli valyutamız olan manat həm kreditlərdə, həm də əhalinin əmanətlərində yüksəlir. Dollarla olan əmanətlərin, kreditlərin payı 10-15 faiz aşağı düşmüşdür.
Banklar artıq regionlara gedir. Bu, cənab Prezidentin Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına dəstək verməsi ilə həyata keçirilir. Bu gün fəaliyyətdə olan bank filiallarının 43 faizi regionlardadır. Regionlarda verilmiş kreditlərin sayı artıq bütün kredit bölgülərinin 15 faizini təşkil edir. Göründüyü kimi, bank sisteminin inkişaf templəri ümumi iqtisadi artım tepmindən geridə qalmır, hətta bəzi indikatorlara görə onu xeyli üstələyir. Bank sistemində, xüsusi ilə maliyyə xidmətlərinə çıxış imkanlarının daha da genişləndirilməsi məqsədi ilə islahatlar davam edəcəkdir.
Bir neçə kəlmə gələn ilin vəzifələri haqqında. Gələn il iqtisadi tənzimlənmənin makroiqtisadi stabilliyi kontekstində gərgin və mühüm illərdən biri olacaq. Mən bayaq permanent iqtisadi inkişaf kursu haqqında danışdım. Təbii ki, bu makroiqtisadi gərginliklər gələn il də qalır. Yüksək inflyasiya təzyiqi, manatın məzənnəsinə təzyiq nəticəsində, bayaq 800 milyon ABŞ dolları dedim, daxili valyuta balansının kəsiri yarana bilər. Bizim hesablamalarımıza görə gələn il artıq bu kəsir 1,2 milyard ABŞ dollarına çatacaq. Milli Bank bu valyutaları almaq məcburiyyətində olacaqdır ki, manatın məzənnəsinə olan təzyiqi aşağı salsın.
Gələn il pul kütləsi ilə dövlət büdcəsinin icrasını təmin etmək üçün pul kütləsinin 50 faiz artması proqnozlaşdırılır. Ancaq bu yolla artan büdcənin kassa icrasını həyata keçirmək mümkün olacaqdır. Bütövlükdə Azərbaycanda dərin radikal iqtisadi islahatlar, yaratdığımız möhkəm makroiqtisadi idarəetmə, iqtisadi orqanlar arasında əldə olunmuş koordinasiya bizə imkan verir ki, gələn ilə optimist baxaq. Gələn il də bizim əsas vəzifəmiz makroiqtisadi stabilliyi və birrəqəmli inflyasiya tempini sabit saxlamaqdır. Bu günün özündə də 7 faizdən yuxarı inflyasiya səviyyəsi, əhalinin real gəlirləri isə 12 faizə qədər yaxındır. Biz, təbii ki, 2007-ci ildə də inflyasiyanı bir səviyyədə qoruyub saxlayacağıq. Bir daha deyirəm, 7-8 faizlik inflyasiya artıq Azərbaycanın reallığıdır. Bu, yaxın dövrlərdə iqtisadi inkişaf kursumuzu müşaiyət edən göstəricidir. Biz ötən illərdə olduğu kimi, çalışmalıyıq ki, əhalinin real gəlirlərini təmin edə bilək. Manatın məzənnəsi istiqamətində onu deyə bilərəm ki, bir qədər onun nominal məzənnəsinin möhkəmlənməsi baş verə bilər. Lakin bizim əsas diqqətimiz digər göstəriciyədir. Manatın ikitərəfli, yəni nominal effektiv məzənnəsi gərək neytral vəziyyətdə qalsın ki, Azərbaycan ixracatçıları rəqabət şəraitini pisləşdirməsin.
Mən valyuta ehtiyatları haqqında da demək istəyirəm. Bu yaxınlarda Samir müəllimlə danışdıq. Toplam valyuta ehtiyatları bir qədər çoxdur. Bir sıra vəsaitlər var ki, 3 milyard yox, artıq 4 milyard Amerika Birləşmiş Ştatları dollarından yüksəkdir. Əgər nəzərə alsaq ki, dövriyyədə olan pul kütləsi cəmisi 1,5 milyard manatdır, təxminən bizim dövriyyədə olan pul kütləmizin hər bir manatına 2,5–2,6 ABŞ dolları səviyyəsində vəsait düşür. Bu, bir tərəfdən ölkənin yüksək beynəlxalq ödəmə qabiliyyətini nümayiş elətdirir. Türkiyədə, məsələn, bu göstərici 2-yə bərabərdir. Böyük valyuta ehtiyatları olan Rusiya da bizim səviyyəmizdədir. Bu, bizə, təbii ki, gələcəyə optimist baxmağa imkan verir.
Çıxışımın sonunda bir maraqlı faktı da demək istəyirəm. Bu yaxınlarda İnternetdə oxudum ki, İngiltərə universitetlərindən biri dünyanın xoşbəxtlik xəritəsini yaratmışdır. Xoşbəxtlik xəritəsində, təbii ki, yeganə göstərici ölkənin yaşayış səviyyəsi, adambaşına düşən ümumi daxili məhsul deyil. Ölkənin təhsil, səhiyyə sisteminin vəziyyəti, onun mədəniyyətinin inkişafı, bir sözlə, 8-10-a yaxın indikator bu xoşbəxtlik xəritəsinin, bu reytinqin müəyyənləşdirilməsində istifadə olunur. Birinci beşlikdə olan ölkələr sırasında Danimarka, İsveçrə, İrlandiya, İslandiya və Avstriyanın adı çəkilir. Monososial etnik tərkiblərdən ibarət kompakt əhaliyə malik olan bu ölkələr dünyanın xoşbəxtlik xəritəsində irəlidə gedirlər.
Cənab Prezident üç il bundan öncə ölkənin radikal modernizasiyası proqramını irəli sürdü. Bu nəyə əsaslanırdı? Ümummilli liderimizin dühası, iradəsi ilə torpaqlarımızın altında, Xəzər dənizinin dibində yatan “qara qızıl” bu gün, dediyim kimi, artan masştabda valyuta ehtiyatlarına çevrilib. Bu, olduqca böyük, olduqca geniş masştablı tarixi vəzifə, Azərbaycanın inkişafında misilsiz bir tarixi mərhələ idi. Lakin sonrakı mərhələ bundan da az əzəmətli və az mürəkkəb deyil. Cənab Prezidentin irəli sürdüyü başlıca vəzifə nələri, hansı aspektləri əhatə edir? İqtisadiyyatın, təhsil sisteminin modernizasiyası, bütün kəndlərdə, şəhərlərdə müasir tipli məktəblərin, xəstəxanaların yaradılması, milli mədəniyyətin, milli tarixi ənənələrimizin qorunub saxlanması və sair bu kimi məsələləri bura aid etmək olar.
2007-ci ilin dövlət büdcəsi məhz bu tarixi aspektlərin həyata keçirilməsinə, sadalanan geniş miqyaslı məsələlərin həllinə yönəlibdir. Hesab edirəm ki, ölkəmizin həm sosial-iqtisadi inkişafında biz o yüksəlişi görəcəyik, həm də yaxın illərdə, yaxın onillikdə ölkəmizin çağdaş sənədində qeyd olunduğu kimi, xoşbəxtlik xəritəsində layiqli bir yer tuta biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İnşallah, yəqin ki, bizə qismət olacaq. Azərbaycan Respublikası Milli Məclisinin İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadəyə söz verilir.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri! Hökumət üzvləri mənim vəziyyətimi bir az yüngülləşdirdilər. Onlar Azərbaycanın sosial-iqtisadi həyatında baş verən dəyişikliklər, 2007-ci il dövlət büdcəsinin əsas parametrləri haqqında ətraflı məlumat verdilər. Qeyd etmək istərdim ki, Milli Məclisin İqtisadi siyasət, Aqrar siyasət, Sosial siyasət, Təbii ehtiyatlar, ekologiya və energetika məsələləri daimi komissiyalarında Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi ətraflı müzakirə edilmişdir.
Təxminən üç həftədir ki, hökumət üzvləri ilə, o cümlədən Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Hesablama Palatası və digər qurumlarla birlikdə işgüzar müzakirələr keçiririk. Bu müzakirələrin əsasında 2007-ci il dövlət büdcəsinin əsas parametrləri və vəzifələrinin Azərbaycan Respublikası Prezidenti tərəfindən qoyulmuş strateji məqsədlərə nə dərəcədə uyğun olması müəyyənləşdirilmişdir.
Birmənalı şəkildə qeyd etmək lazımdır ki, 2007-ci il dövlət büdcəsi Azərbaycanın dinamik inkişafının, onun iqtisadi qüdrətinin artmasına, əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, eyni zamanda Azərbaycanın qloballaşan dünyada reytinqinin, imicinin yüksəlməsinə, ölkənin milli təhlükəsizliyinin möhkəmlənməsinə xidmət edir. Ona görə istərdim ki, konkret olaraq bəzi məqamlara toxunum.
Bayaq burada deyildi, həqiqətən, Azərbaycanın 2007-ci il dövlət büdcəsi formalaşarkən əvvəllər analoqu olmayan amillər nəzərə alınmışdır. Cənab Prezident payız sessiyasının açılışındakı çıxışında demişdi ki, bu gün Azərbaycanın qarşılaşdığı problemlər əvvəllər olmayıbdır. Bir tərəfdən artan gəlirlər, böyük miqdarda Azərbaycana daxil olan maliyyə vəsaitləri, digər tərəfdən isə inflyasiya problemi, təbii ki, bütün bunlar bizim qarşımızda böyük vəzifələr qoymuşdur. Eyni zamanda bunların içərisindən ən optimalının seçilməsi nəzərdə tutulur. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi hökumət üzvləri tərəfindən hazırlanarkən məhz bu amil əsas götürülmüşdü. Dövlət büdcəsi hazırlanarkən cənab Prezident tərəfindən irəli sürülən strateji proqramların həyata keçirilməsi, onların maliyyə təminatının yüksəlməsi ən mühüm vəzifələr sırasında ön plana çəkilmiş, layihədə öz əksini tapmışdır.
Ölkənin büdcə gəlirlərinə dair burada rəqəmlər deyildi. Mən müqayisə üçün demək istərdim ki, son 10 il ərzində Azərbaycanın dövlət büdcəsinin gəlirləri 10 dəfədən çox artıb. Biz araşdırmalar aparmışıq, dünyanın heç bir ölkəsində belə bir artım yoxdur. Ən vacib göstəricilərdən biri odur ki, ümumiyyətlə, dünya iqtisadiyyatında bu və ya digər ölkənin reytinqini, ölkənin iqtisadi xarakteristikasını təhlil edərkən, dövlət büdcəsində gəlirlərin ümumi daxili məhsula nisbəti, eyni zamanda xərclər göstərilir. Bu il Azərbaycan dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 24,7 faizini təşkil edir. Amma vaxt olub ki, bu rəqəm 15, 16 və ya 14 faiz idi.
Mən hesab edirəm ki, bu rəqəm də kifayət deyildir. Çünki Baş nazirimiz hörmətli Artur müəllimlə bu məsələ haqqında söhbət edərkən, o bu göstəricinin gələcəkdə də artmasını obyektiv hal hesab etdi. Çünki inkişaf etmiş ölkələrə çatmaq üçün biz ümumi daxili məhsulun ən azı 35-40 faizini büdcə vasitəsi ilə bölüşdürməliyik. Amma bizim artan gəlirlərimiz imkan verir ki, qarşıda qoyulan məqsədlər, strateji və sosial-iqtisadi proqramlar əsaslı vəsait qoyuluşu sayəsində həyata keçirilsin. Bununla əlaqədar olaraq büdcə gəlirlərinin ümumi daxili məhsulda xüsusi çəkisinin artması, heç şübhəsiz ki, 2007-ci il büdcəsinin ən vacib nəticələrindən biridir.
Adambaşına düşən büdcə gəlirləri 628 manat nəzərdə tutulmuşdur. Müqayisə üçün deyim ki, 1997-ci ildə bu rəqəm 67 manat, 2000-ci ildə 88,4 manat, 2003-cü ildə 148 manat olmuşdur. Büdcə gəlirlərinin ümumi daxili məhsula nisbəti, mən dedim, 24,7 faiz təşkil edir. Amma on il, üç il bundan əvvəl bu mütərəqqi göstərici o qədər də yüksək deyildi. Demək istəyirəm ki, dövlət büdcəsini hazırlayarkən iqtisadi strukturlar və bloklar arasında koordinasiya işi əvvəlki illərə nisbətən qat-qat tənzimlənmişdir. Vaxt var idi ki, hökumətin ayrı-ayrı strukturlarının nümayəndələri inflyasiya ilə əlaqədar cəmiyyətdə müxtəlif fikirlər səsləndirirdilər. 6, 7 yaxud 9 faiz deyənlər var idi. Bu gün belə hallar yoxdur. Dövlətin idarəetmə strukturları tərəfindən məsələyə belə obyektiv, birmənalı, vahid mövqedən yanaşmaq, şübhəsiz ki, büdcənin hazırlanmasında da özünü göstərmişdir.
Büdcə gəlirlərinin formalaşmasını – 75 faizi təmin etmək, əsas strukturların, bilavasitə Vergilər Nazirliyinin, – onun rəhbəri də dedi, – üzərinə düşür. Bu, çox ağır yükdür və dünya miqyasında da bu meyl özünü göstərir. Vergi Məcəlləsinə edilən dəyişikliklər, ölkədə sahibkarlığın inkişafı, vergi yoxlamalarının, ərazi departamentlərinin azaldığı bir şəraitdə büdcəyə bu yolla daxilolmaların təmin edilməsi, şübhəsiz ki, müsbət hal kimi qiymətləndirilməlidir.
Başqa bir məsələni də qeyd etmək istəyirəm. Vaxt var idi ki, bizim büdcə gəlirlərinin 25 faizi gömrük rüsumları hesabına təmin olunurdu. Əlbəttə, bu, inkişaf etməkdə olan ölkələrə xas olan bir cəhət idi. İndi Azərbaycanda gömrük rüsumlarının büdcə gəlirlərində xüsusi çəkisi 10 faiz təşkil edir. Bu da çox mütərəqqi haldır. Gömrük daxilolmaları, baxmayaraq ki, artır, amma onun xüsusi çəkisi azalır. Nə üçün? Çünki ölkənin iqtisadiyyatı canlanır, Azərbaycan dünya iqtisadiyyatına inteqrasiya olunur, azad ticarət münasibətləri genişlənir. Eyni zamanda, ölkənin milli iqtisadiyyatının artması hesabına idxalın strukturunda köklü dəyişikliklər əmələ gəlir.
Mən burada bir məsələni də qeyd etmək istərdim ki, Milli Məclis ikitərəfli sazişlərlə əlaqədar olaraq fikir mübadiləsi keçirmiş və rəyini bildirmişdir. Azad ticarət zonalarının yaradılması, yəni bizim xarici ölkələrlə əlaqələrimiz genişləndikcə, bütün bunlar vergi və gömrük daxilolmalarına öz təsirini göstərir.
Mən arzu edərdim ki, gələcəkdə hökumətlə iqtisadi strukturlar, eləcə də Milli Məclis hər bir belə sənədin maliyyə tutumunu birlikdə, həm də dəqiq hesablasın. Belə bir təcrübə qazanılsa, biz nəticə etibarilə Azərbaycanın milli maraqlarının gözlənilməsinə nail olarıq.
Respublikada büdcə gəlirlərinin strukturunda ilbəil böyük dəyişikliklər əmələ gəlir. Azərbaycanın ümumi daxili məhsulunda, büdcə xərclərinin artımında müsbət mənada dəyişiklik özünü göstərir. Bu xərclər artıq 2007-ci il dövlət büdcəsi layihəsində 25 faiz təşkil edir. Sevindirici haldır ki, Azərbaycan dövlətinin büdcəsi kəsirlə müəyyənləşdirilir. Profisit büdcə dünyanın heç bir inkişaf etmiş ölkələrində qəbul olunmur. Rusiya bir il, iki il qəbul elədi, onun acınacaqlı vəziyyətini gördü. Küveyt kimi bir ölkə 60-cı ildən bəri profisit büdcə təsdiq eləyirdi, ancaq bu gün dünya ölkələri içərisində iqtisadi inkişaf baxımından artıq 56-cı yerdədir. Nə üçün? Çünki büdcə xərclərinin 2-3 faiz miqyasında müəyyən olunması ölkədə iqtisadi fəallığı artırır, ölkədə sosial xərclərin, problemlərin həlli üçün əlverişli şərait yaradır. Bizim komissiyalarda da bu məsələ müzakirə olunubdur. Vaxt vardı ki, bizdə büdcə kəsiri 0,8 faiz və ya 0,4 faiz idi. Bəzi adamlar bununla fəxr edir və deyirdilər ki, Azərbaycanın dövlət büdcəsi, demək olar ki, kəsirsizdir. Kəsirli büdcə, əslində, Azərbaycanın, ölkənin iqtisadiyyatını daim fəaliyyətdə olmağa, canlanmağa sövq edir. Ümumiyyətlə, vergi, gömrük daxilolmaları, büdcə xərclərinin gəlirləri belə bir nəticə çıxarmağa əsas verir ki, Azərbaycanda milli iqtisadiyyatın inkişafı, daxili bazarın qorunması, ölkənin Ümumdünya Ticarət Təşkilatına daxil olması ərəfəsində iqtisadiyyatın rəqabət qabiliyyətliliyinin artırılması üçün çox əsaslı və mühüm imkanlar yaradır. Bəzən bizi tələsdirirlər ki, biz tezliklə Ümumdünya Ticarət Təşkilatına daxil olmalıyıq. Biz, əlbəttə, o təşkilata mütləq daxil olacağıq. Bizim komissiyalarda mütəxəssislərlə söhbət gedəndə, dünya təcrübəsi təhlil ediləndə, görürük ki, bizim bu təşkilata daxil olmağımız vacibdir. Ancaq nə vaxt, hansı şərtlərlə Azərbaycanın milli maraqlarına, ölkənin iqtisadi təhlükəsizliyinə bu necə təsir edəcək, onları bir daha araşdırmaq və dəqiqləşdirmək lazımdır.
Milli Məclisin müzakirəsinə verilmiş dövlət büdcəsi layihəsində hökumətin, eləcə də İqtisadi İnkişaf Nazirliyinin hazırladığı proqnozlarda ölkə iqtisadiyyatının rəqabət qabiliyyətliliyinin artması istiqamətində çox konkret təkliflər göstərilir.
Mən ən vacib məsələlərdən birini qeyd etmək istərdim. Ötən əsrin 70-ci illərində ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi və tələbkarlığı ilə Azərbaycanın güclü energetika bazası yaradılıb. Biz artıq bu gün 21-22 milyard kilovat saat elektrik enerjisi istehsal edirik. 2010-cu ildə bu rəqəm 29 milyard kilovat saat olacaq. Ümumi daxili məhsulumuz 31 milyard kilovat saat olacaq. Deməli, Azərbaycan iqtisadiyyatının gələcək inkişafı üçün möhkəm zəmin yaradılıbdır. Eyni zamanda mənim hökumət üzvlərindən, İqtisadi İnkişaf Nazirliyindən, – bu, komissiya üzvlərinin tövsiyələridir, – xahişim budur ki, gələcəkdə iqtisadi proqnozları təqdim edərkən, orada ümumi daxili məhsulun enerji tutumluluğu, ümumi daxili məhsulun metal tutumluluğu, ümumi daxili məhsulun su tutumluluğu və digər qloballaşan məsələlər ön plana çəkilsin. Çünki qloballaşan dünyada o ölkələr rəqabət bazarında üstünlüyə malik olacaq, bu meydanda qalib gələcəklər ki, onların istehsal etdiyi, dünya bazarına çıxardığı məhsulların enerji tutumluluğu, metal tutumluluğu, su tutumluluğu, ekoloji cəhətdən təmizliyi az olacaqdır.
Mən əminəm ki, belə hesablamaları aparmaq o qədər də çətin deyildir. Müqayisə aparmağa materialların olması, heç şübhəsiz ki, iqtisadi proqnozların keyfiyyətinə də təsir göstərir. Azərbaycan, vaxt var idi, iqtisadiyyatı sosial problemlərlə dolu olan bir diyar kimi tanınırdı. Azərbaycanın demoqrafik göstəricilərinin doğum əmsalına, təbii artıma görə ittifaqdan o zaman iki-üç dəfə çox olması, işsizliyin yüksək səviyyəyə qalxması, sosial sahələrin qalıq prinsipinə görə planlaşdırılması bu gün də özünü göstərir.
Son illərdə isə, bu sahədə atılan addımlar, həqiqətən, sevinc doğurur. Eyni zamanda, bütün bunlar bizim problemlərimizin nə qədər dərin, nə qədər mürəkkəb olduğunu göstərir. Bu gün Azərbaycanda sosial sahəyə ayrılan xərclər ümumi büdcə xərclərinin 37 faizini təşkil edir. Mən bir rəqəmi demək istərdim. Səhiyyəyə ayrılan xərclər 269,5 milyon manatdır. Bu, 2006-cı ilin göstəricisindən 1,5 dəfə çoxdur. 1997,1998, 1999, 2000,2001, 2002-ci illərdə səhiyyəyə ayrılan xərclər 2007-ci ildə səhiyyəyə ayrılan xərclərdən 40 milyon manat az olub. Bir il ərzində Azərbaycanın səhiyyəsinə ayrılan xərclərin bu qədər artması, heç şübhəsiz ki, Azərbaycan xalqının genofondunun, demoqrafik göstəricilərinin qorunmasına, yaxşılaşmasına, əhalinin təkrar istehsal göstəricilərinin yaxşılaşmasına bilavasitə xidmət edəcəkdir.
Bu sirr deyildir ki, Qarabağ problemi erməni təcavüzü nəticəsində Azərbaycanın əhalisinin genofonduna təkrar istehsal göstəricilərinə çox ciddi təsir göstərirdi. Bu təsirin aradan qaldırılması üçün təhsil, səhiyyə problemlərinə diqqətin artırılması hökumətin fəaliyyətində əsas vəzifə kimi durur və bu istiqamətdə də böyük işlər görülür.
Mən xarici və daxili borc məsələsinə də toxunmaq istəyirəm. Bilirsiniz ki, Milli Məclisdə buna dair qanun layihəsini müzakirə eləmiş, onu birinci oxunuşdan keçirmişik. Azərbaycanın daxili və xarici borc problemi ölkənin milli maraqlarına cavab verir, ya yox? Mən qəti şəkildə bildirirəm ki, – hörmətli Samir müəllim də dedi, – Azərbaycanın xarici borcunun səviyyəsi, miqdarı Azərbaycanın milli maraqlarına cavab verir və bu borclardan səmərəli istifadə olunması ən ümdə məsələlərdən biridir.
Cənab İlham Əliyev 2007-ci ilin 9 ayı ilə əlaqədar olaraq çıxışında çox maraqlı bir fakt dedi. Vaxt var idi ki, bizə kreditləri ağır şərtlərlə verirdilər. İndi 1 milyard, 2 milyard kredit almaq Azərbaycan üçün problem deyil. Amma, eyni zamanda, alınan kreditlərdən səmərəli istifadə olunması ön plana çəkilməlidir. Biz Maliyyə Nazirliyi ilə də danışdıq. Ötən müzakirələrdə ortaya belə bir məsələ çıxdı ki, bəli, gələcəkdə bahalı kreditlərdən əl çəkməliyik. Biz kreditlərin yeni texnologiyalara yönəldilməsi istiqamətində işlərimizi daha da canlandırmalıyıq.
Mənim əlimdə Neft Fondu, kreditlərlə əlaqədar çox konkret materiallar var. Biz Neft Fondunu yaratmışıq və bu fondun büdcə ilə əlaqəsi Azərbaycan Respublikasında son dərəcə səmərəli qurulub. Bəzən deyirdilər ki, nə üçün bütün neft fondu kənarda qalmalıdır, ona toxunmamaq lazımdır? Təhlillər göstərir ki, dünyanın 223 dövləti neftlə bağlı göstəricilərə dair hesabat verir. Bunların 17-də stabilləşmə və neft fondları yaradılıb. Küveytdə və Nigeriyada isə bu fondlar yaradılmayıb və onlarda olan məlumatlar da gizlədilir. Azərbaycanda Neft Fondundan büdcəyə edilən transferlər 580 milyon manatdır. Bu çox məqbul rəqəmdir və büdcə xərclərində iqtisadi inkişafın problemlərini həll etməyə imkan verir. Amma gəlin, dünya təcrübəsinə də baxaq.
Nigeriyada adambaşına 1400, Venesuellada 6100 ABŞ dolları düşür. Baxmayaraq ki, onlar neft istehsalının artmasına Azərbaycandan əvvəl nail olublar, ancaq adamları bu gün yoxsulluq, səfalət içərisində yaşayırlar. Nə üçün? Səbəblərdən biri də ondan ibarətdir ki, həmin dövlətlərdə, qeyd etdiyim kimi, belə fondlar yaradılmayıb, olan məlumatlar gizlədilir, şəffaflıq təmin edilməyib və əsas gəlirin büdcə ilə əlaqəsi yoxdur. Bayaq Elman müəllim dedi ki, neft və büdcə arasında optimal nisbətin tapılması ən vacib məsələlərdən biridir və bizə təqdim olunan göstəricilərdə, sənədlərdə bu öz əksini tapmışdır.
Regionların inkişafı proqramı barədə nə deyə bilərəm? Azərbaycan Respublikasının Milli Məclisinə təqdim olunan dövlət büdcəsi layihəsində bütün rayonlar üzrə xərc və mərkəzdən verilən vəsaitlər göstərilib. Əgər Milli Məclisin üzvləri o cədvələ baxıblarsa, oradan çoxlu nəticələr çıxarmaq olar. Əvvəla, strateji proqramlardan sayılan regionların inkişafını nəzərdə tutan büdcə xərcləri son üç ildə 2,2 dəfə artmışdır. Əvvəlki illərin heç birində belə imkan olmamışdır. Regionlarda yaranmış qeyri-bərabər inkişaf bu günün, dünənin, 10 ilin, 15 ilin vəziyyəti deyildir. Azərbaycan neft ölkəsi sayılırdı, ancaq xərclərin 91 faizi Bakıda cəmləşmişdi, 9 faiz isə rayonların payına düşürdü.
İndi vəziyyət dəyişib və mən burada maraqlı bir məsələ var, onu demək istəyirəm. Hökumət, Maliyyə Nazirliyi çox çətinliklərlə üzləşib. Cənab Prezident regionların strateji inkişaf proqramı ilə bağlı vəzifələri irəli sürübdür. Bu, Azərbaycan xalqı, milləti üçün əsrlər boyu böyük əhəmiyyəti ola biləcək bir proqramdır. Nə üçün? Çünki biz tarazlığı təmin etməliyik.
13 rayonda formalaşan gəlirlərin miqdarı 1 milyon ABŞ dollarından çox deyil. Mən o rayonları saymaq istəyirəm: Ağsu, Qobustan, Daşkəsən, Dəvəçi, Zərdab, Yardımlı, Gədəbəy, Lerik, Oğuz, Samur, Siyəzən, Tərtər, Xızı. Bu rayonlarda il ərzində formalaşan gəlirlərin miqdarı 700-800 min ABŞ dolları arasında tərəddüd edir. Amma hökumət dövlət büdcəsindən həmin rayonlara 10 dəfə çox vəsait ayırıbdır. O yerlərdə, şübhəsiz ki, sahibkarlığın, qeyri-neft sektorunun inkişafı, investisiya mühitinin canlanması üçün şərait yaradılsa, təbii ki, gələcəkdə bu rəqəmlərin nisbəti dəyişəcək və hökumət azad olmuş vəsaitləri digər proqramların inkişafına yönəldəcəkdir.
Cənab Sədr, mənim əlimin altında 6-7 komissiyanın materialları var. 5 dəqiqə də vaxt versəniz, onları da əhatə edərdim.
Sədrlik edən. Fasilədən sonra vaxt verərik, onda daha rahat olar, fikrinizi də tam əhatə edərsiniz. Sağ olun. Saat 4-ə qədər fasilə elan olunur.
(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, iclasımıza davam edirik. Ziyad Səmədzadə, çıxışınızı bitirməkdən ötrü sözü Sizə veririk. Buyurun.
Z. Səmədzadə. Hörmətli millət vəkilləri, mən vaxtınızı çox almaq istəmirəm. Daimi komissiyalarda büdcə layihəsi işgüzar şəraitdə ətraflı müzakirə olunmuşdur. Bütün komissiya sədrləri büdcə kəsirləri və istiqamətləri ilə əlaqədar öz təkliflərini vermişlər. Deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Azər Əmiraslanov, Nazim Məmmədov, Eldar İbrahimov, Rəbiyyət Aslanova, Hadi Rəcəbli, Ziyafət Əsgərov və Valeh Ələsgərovun dəyərli tövsiyələrindən, yəqin ki, istifadə olunacaqdır. Onlardan biri Azərbaycana iqtisadi inkişafla əlaqədar gələn investisiya axınlarından istifadə məsələ-sidir. Fərəhləndirici haldır ki, İqtisadi İnkişaf Nazirliyinin Azərbaycanın iqtisadiyyatına dair hazırladığı proqnozlarda investisiyaların dinamikası və strukturu çox aydın verilmiş-dir. Razılıq hissi ilə qeyd edilməlidir ki, Azərbaycan iqtisa-diyyatında çoxdan gözlənilən böyük bir keyfiyyət dəyişikliyi baş verir. Bu keyfiyyət dəyişikliyinin mahiyyəti ondan iba-rətdir ki, iqtisadiyyata qoyulacaq investisiyaların tərkibində daxili mənbələr hesabına olacaq investisiyaların xüsusi çə-kisi artmağa meyl edir.
Mən bir rəqəmi göstərmək istərdim. 2010-cu ildə Azərbaycan iqtisadiyyatına qoyulacaq investisiyaların tərkibində daxili mənbələr hesabına olan investisiyaların xüsusi çəkisi 79 faiz təşkil edəcəkdir. Bu il isə, həmin rəqəm 52 faizdir. Bu, sözün əsl mənasında inqilabi dəyişiklikdir. Bilirsiniz ki, neft strategiyası reallaşdığı zaman Azərbaycanın xəzinəsində valyuta ehtiyatları, maliyyə mənbələri yox dərəcəsində idi. 10 il ərzində Azərbaycan iqtisadiyyatında baş verən dəyişikliklər investisiya imkanlarını xeyli genişləndirmişdir. Maraqlı cəhət ondan ibarətdir ki, həm 2007-ci il layihəsində və həm də gələcək illərdə qeyri-neft sənayesi ilə əlaqədar olaraq xərclərin artması nəzərdə tutulmuşdur. Şübhəsiz ki, bu, büdcə layihəsində və iqtisadi inkişaf proqnozlarında müsbət hal kimi qiymətləndirilməlidir.
Əsaslı vəsait qoyuluşunun xüsusi çəkisinin artması meyli də büdcə layihəsini fərqləndirən cəhətlərdən biridir. Mən müqayisə üçün qeyd etmək istəyirəm ki, 2000-ci ildə büdcə xərclərinin strukturunda əsaslı vəsait qoyuluşları cəmi 3,5 faiz təşkil edirdi. Bu gün isə, 2007-ci il büdcəsində bu rəqəm 26,2 faizdir. İxtisasından, peşəsindən asılı olmayaraq millət vəkilləri bilirlər ki, Azərbaycanın regionlarında iqtisadiyyatımızın inkişafı ilə əlaqədar olaraq irimiqyaslı, qlobal layihələr həyata keçirilir. Bu qlobal layihələr də infrastrukturun təkmilləşməsinə, nəqliyyat sektorunun inkişafına, digər bu kimi obyektlərin tikintisinə yönəlir. Bütün bunlar da Azərbaycanın gələcək iqtisadi inkişafı üçün maddi baza yaradır.
Eyni zamanda, daxili imkanlar hesabına investisiyaların strukturunun təkmilləşməsinə ehtiyac var. Mən İqtisadi İnkişaf Nazirliyinin mütəxəssisləri və Milli Məclisin müvafiq daimi komissiyasının üzvləri ilə söhbət edərkən diqqətlərini ona cəlb etdim ki, daxili mənbələr hesabına investisiyaların strukturunda aqrar bölmənin xüsusi çəkisinin artmasına ehtiyac vardır. Yəqin ki, bu barədə Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri hörmətli Eldar müəllim də fikrini deyəcək. Bizim hesablamalarla 2010-cu il üçün bu rəqəm çox aşağıdır. Burada, yəqin ki, texniki xəta var. Mən Şahin müəllimdən də xahiş etdim ki, bu rəqəmləri bir daha nəzərdən keçirsin, çünki deyilən məsələ çox vacibdir. Ona görə ki, aqrar sənaye kompleksinin inkişafı aqrar sektora əsaslı vəsait qoyuluşunun artmasını zəruri edir. 70-ci illərin axırlarında ümummilli lider Heydər Əliyevin tapşırığı ilə əlaqədar olaraq hesablamalar aparılmışdı. Bundan sonra xalq təsərrüfatının inkişafına ayrılan vəsait qoyuluşlarının artımının 30 faizi aqrar sektorun payına düşürdü. Əgər gələcəkdə qeyri-neft sektoruna ayrılan vəsaitlərin xüsusi çəkisinin azalmağa meyl etdiyini nəzərə alsaq, mənə elə gəlir ki, proqnozlarda bu məsələyə yenidən qayıtmaq olar.
Fərəhləndirici cəhətlərdən biri ondan ibarətdir ki, Azərbaycanda sənayenin inkişafı ilə əlaqədar olaraq konkret tədbirlər görülür. 2006-cı ildə sənayenin inkişaf tempi məlumdur. Hörmətli nazirlər bu barədə məlumat verdilər. 2007-ci il dövlət büdcəsi layihəsi də sənayenin inkişafı ilə əlaqədar olaraq konkret məsələləri nəzərdə tutur. Əlbəttə, burada problemlər çoxdur, 9 aylıq yekunlarla əlaqədar olaraq cənab Prezidentin keçirdiyi iclasda bu məsələ xüsusilə vurğulanmışdı. Amma sevindirici haldır ki, Sənaye və Energetika Nazirliyinin və Müdafiə Sənayesi Nazirliyinin yaradılması Azərbaycanın sosial-iqtisadi həyatına yeni nəfəs gətirəcəkdir. Çünki biz inkişaf elementləri olan sənaye müəssisələrinin inkişafına diqqəti artırmalıyıq.
Bu yaxınlarda Daşkəsəndə olan bir hadisəni xatırlatmaq istəyirəm. Balaca bir rayonda artıq özəlləşdirilmiş cəmiyyətin bazası əsasında nəhəng bir zavodun tikilməsi, şübhəsiz ki, bütünlüklə regionun ab-havasını dəyişdirəcəkdir. Mən bununla demək istəyirəm ki, bizim sənaye sahəsində problemlərimiz çoxdur və onun strukturu təkmilləşməlidir, sənaye diversifikasiya edilməlidir. Yalnız bu şəraitdə Azərbaycan iqtisadiyyatını gücləndirə bilərik. Sevindirici haldır ki, deputatlar birmənalı şəkildə bu istiqamətdə görülən işləri məqbul hesab edirlər.
Eyni zamanda, ürəklərindən o da keçir ki, gələcəkdə Azərbaycan sənayesinin strukturunda rəqabətə davamlı məhsullar istehsalı genişlənsin. Biz 10 il, 20 il bundan qabaqkı sənayenin, onun ayrı-ayrı sahələrinin təsnifatında sürətli inkişafa nail olaq. Artıq ənənəvi sahələr sayılan istər yüngül, istər yeyinti, istərsə də maşınqayırma sənayesi sanballı fəaliyyət yoluna qədəm qoysunlar. Heydər müəllimin və maliyyə nazirinin xüsusi vurğuladıqları bir məsələni mən də yada salmaq istəyirəm ki, yeni şəraitdə dövlətin rolu dəyişir. Azərbaycan Prezidentinin uzaqgörən siyasətinin nəticəsidir ki, dövlətin iqtisadiyyata yumşaq müdaxiləsində yeni keyfiyyət məsələləri baş verir.
Ən başlıca cəhətlərdən biri ondan ibarətdir ki, dövlət-özəl sektor münasibətləri bir-birinə qarşı durmur. Əksinə, dövlət özəl sektorun inkişafı üçün qayğı göstərir və özəl sektor öz növbəsində dövlətin milli maraqlarına uyğun olaraq tədbirlər həyata keçirir. Bütün bunlar büdcə layihəsində artıq əksini tapır və gələcək inkişaf imkanları üçün böyük perspektivlər açır. Samir müəllimlə, digər nazirliklərin rəhbərləri ilə fikrimiz eynidir. Biz artıq büdcə sisteminin yeni tələblərə uyğun təkmilləşməsi istiqamətində tədbirlər həyata keçirməliyik. Yaxın müddətə büdcə proqnozlarının tərtib edilməsi, büdcə proqnozlarının iqtisadi inkişaf proqnozları ilə sıx əlaqələndirilməsi məsələsi ön plana çəkilməlidir.
Vacib məsələlərdən biri də büdcə xərclərinin formalaşmasında normativ bazadan beynəlxalq standartlara uyğun, əhalinin istehlak tələbini nəzərə almaqla istifadə edə bilməkdir. Normativlərin hesablanması, adambaşına düşən normativlərdən istifadə olunması, şübhəsiz ki, büdcə tərtibatında büdcənin təkmilləşməsinə böyük imkan verərdi.
Hörmətli Elman müəllim çox haqlı olaraq inflyasiya məsələsi üzərində geniş dayandı. Milli Məclisin komissiyalarında, o cümlədən İqtisadi siyasət daimi komissiyasında da bu məsələ müntəzəm olaraq müzakirə olunur. Biz, həqiqətən, inflyasiya təzyiqinə məruz qalırıq. Amma hökumətin apardığı siyasət, Milli Bankla birlikdə koordinasiya işinin təşkilinin nəticəsidir ki, bu gün həmin proseslər tənzimlənir. Bu, təkcə Azərbaycan üçün yeni problem deyil. Neft hasil edən ölkələrin hamısı bu problemlə üzləşir. Ona nail olmalıyıq ki, pul kütləsini idarə edək, diversifikasiya yolu ilə nağdsız hesablaşmaları, dövlət satınalmalarının keyfiyyətini artıraq, yəni istehsal xərcləri inflyasiyasının həddən artıq qalxmasına yol verməyək. Hesablamalar, təhlillər onu göstərir ki, dünyada neft hasil edən ölkələr bu təzyiqlə istər-istəməz üzləşirlər. Vəziyyət artıq onu tələb edir ki, gələcəkdə biz neftdən asılı olmayan büdcə tərtib edək və görək qeyri-neft sektorunun büdcəsi necədir. Təbii ki, biz bunu bir-iki ilə edə bilməyəcəyik, çünki uzun müddət neft faktoru Azərbaycan iqtisadiyyatı üçün zəruri olacaq. İqtisadi inkişaf blokunu təmsil edən nazirliklərlə, onların rəhbərləri, mütəxəssislərlə, Milli Məclisin daimi komissiyalarının üzvləri – millət vəkilləri ilə söhbət edəndə əminlik yaranır ki, Azərbaycanda inflyasiya məsələsi həmişə diqqət mərkəzindədir, onu törədən amillər analiz olunur.
Mən bu tribunadan Milli Bankın bu istiqamətdə apardığı tədqiqatları, müntəzəm monitorinqin, sorğunun nəticələri ilə əlaqədar öz müsbət fikrimi bildirmək istərdim.
Çıxışımı yekunlaşdıraraq demək istəyirəm ki, 2007-ci il dövlət büdcəsi, təbii ki, bütün problemləri həll edə bilməz. Ancaq bir il ərzində görülən işləri bir neçə illər ərzində görülən işlərlə müqayisə etdikdə, yekun nəticə ondan ibarət olur ki, Azərbaycanın büdcə layihəsi Azərbaycanın milli maraqlarına, onun iqtisadi qüdrətinin yüksəlməsinə, regionların tarazlı inkişafına, Azərbaycanda yoxsulluğun azalmasına, işsizliyin ləğvinə yönəldilmişdir. Təbii ki, əmək haqqı, yaşayış minimumu, bazarda qiymətlərin qalxması ilə əlaqədar olaraq problemlər var. Lakin yekun nəticə ondan ibarətdir ki, hökumət öz fəaliyyətində cənab Prezidentin müəyyən etdiyi strateji xətti əsas götürmüşdür. Onların bu istiqamətdə görülən işlərinin nəticəsidir ki, təqdim olunan büdcə layihəsi tələblərə cavab verir. Mən də millət vəkillərini bu sənədin lehinə səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, hörmətli Ziyad müəllim. Söz Azərbaycan Respublikası Hesablama Palatasının sədri Namiq Nəsrullayevə verilir.
N. Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, hörmətli iclas iştirakçıları! Azərbaycan Respublikasının 2007-ci il üçün dövlət büdcəsi layihəsi və onun müzakirələri, son illərdə olduğu kimi, yenə də ölkəmizin həyatında önəmli ictimai-siyasi hadisəyə çevrilmişdir.
Ulu öndərimiz Heydər Əliyevin yaratdığı iqtisadi inkişaf amilləri və neft strategiyasının sürətlə artan faktiki bəhrələri kimi müzakirə olunan büdcə zərfi ölkənin sosial-iqtisadi siyasətinin maddi və ideoloji əsasını təşkil edir. Neftdən gələn əsas gəlirlər, o cümlədən cari ildə istifadəyə verilən Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft boru kəmərinin yaratdığı yeni iqtisadi şəraitdə Prezident İlham Əliyevin apardığı normativ xarakterli iqtisadi siyasət strategiyası uğurlu nəticələr verməkdədir. Ölkəmizdə büdcə mexanizminin rolunun əhəmiyyətli dərəcədə yüksəlməsi baxımından tərtib olunan büdcə layihəsi dövlətin iqtisadi funksiyalarını əhatə etməklə, daha məzmunlu və təsirli xarakter almışdır. Sosial inkişafın sürətlənməsi və regionların inkişafının tarazlaşdırılması, ölkənin müdafiə qabiliyyətinin durmadan yüksəldilməsi, sosial və istehsal infrastrukturunun modelləşməsi kimi mühüm istiqamətlərdə hökumətin ardıcıl fəaliyyəti yeni büdcə layihəsinin məzmununu şərtləndirən əsas amilə çevrilmişdir.
Hörmətli millət vəkilləri! Üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin IV sessiyası öz fəaliyyətində ilk dəfə dövlət büdcəsi layihəsini müzakirə edir. Son üç ildə Azərbaycan dövlətinin büdcəsinin həcmi təxminən 3 dəfə artmışdır. Əlbəttə, bu, dünyada misli görünməmiş artım dinamikasıdır. Yalnız bu fakta görə Azərbaycan dövlətinin iqtisadi strategiyası çox yüksək qiymətləndirilməlidir. Artıq 5-ci ildir ki, büdcə müzakirələrində Hesablama Palatasının rəyi təqdim olunur. Dövlətin ali maliyyə nəzarəti orqanı kimi Hesablama Palatasının rəyinin əsas məqsədi dövlətin maliyyə axınlarının idarə olunmasında şəffaflığın və maliyyə resurslarının istifadəsində səmərəliliyinin qanunvericilik səviyyəsində təmin olunmasına qiymət verməkdir. Başqa sözlə, Hesablama Palatasının rəyi büdcə layihəsinin dövlətin bəyan olunmuş iqtisadi prioritetlərinə, mövcud inkişaf potensialına və qanunvericiliyin tələblərinə müvafiq hazırlanması, büdcənin əsas parametrlərinin icrasına nəzarətin mümkünlüyü suallarına cavab verir.
Bizim rəyimiz hökumətin Milli Məclisə təqdim etdiyi büdcə zərfi, ayrı-ayrı dövlət orqanlarına sorğu və nəzarət tədbirlərimizdən aldığımız məlumatlar, statistika sənədləri və Hesablama Palatasının apardığı analitik təhlil üzərində qurulmuşdur. Hesablama Palatasının rəyi sizə təqdim olunduğu üçün mən yalnız bir sıra məqamlara toxunmağı məqsədəuyğun hesab edirəm.
1. Son bir neçə ildə olduğu kimi, dünya bazarında neftin konyunkturu Azərbaycan iqtisadiyyatı üçün olduqca əlverişli şərait yaradır. Azərbaycan hökuməti bu imkanlardan yetərincə istifadə edir. Dövlətin iqtisadi siyasətində müşahidə olunan fundamental meyl iqtisadi inkişafda proqressiv dinamikanı təzahür etdirir. Büdcə zərfində iqtisadi siyasətin bəyan olunmuş məqsəd və prioritetləri 2007-ci ildə makroiqtisadi stabilliyin qorunması, dayanıqlı inkişafın təmin edilməsi üçün neft və qeyri-neft sektorunun inkişafı, ölkənin rəqabət qabiliyyətinin yüksəldilməsi, regionların tarazlı inkişafı siyasətinin davam etdirilməsi, iqtisadiyyatın strukturunun optimallaşdırılması və sair kimi vəzifələri hökumətin əsas hədəfləri edəcəkdir.
Maliyyə axınlarının kəskinləşdiyi bir şəraitdə bu məqsədlərə nail olmaq olduqca çətindir. Son iki ildə yüksək inkişafın nəticəsi olaraq inflyasiya təzyiqinin güclənməsi bir daha sübut edir ki, indi iqtisadi inkişafın stabilliyi və dayanıqlığının qorunmasına daha ciddi diqqət yetirilməlidir. Büdcə vergi siyasəti bu baxımdan daha təsirli tənzimləyici vasitəyə çevrilir. Son üç ildə büdcə siyasətinin çevik adaptasiyası göstərir ki, zəruri anda dövlət büdcəsi həm də ən mühüm bir funksiyanı icra edə bilər.
2. Hökumətin bəyan etdiyi sosial-iqtisadi inkişaf konsepsiyası 2007-ci ildə ölkədə dinamik inkişafın davam edəcəyini göstərir. Makroiqtisadi proqnozlara görə ümumi daxili məhsulun artım sürəti 126,3 faiz olacaqdır. Onun formalaşmasında sahə nisbətləri az dəyişəcəkdir. Bununla belə, iqtisadiyyatın tarazlı strukturunun yaradılmasına doğru müsbət meyl daha da güclənəcəkdir. Büdcə zərfinə daxil edilmiş hesablamalara əsasən hökumətin makroiqtisadi proqnozları Hesablama Palatasının rəyində, ötən ildə olduğu kimi, yenə də ehtiyatlı qiymətləndirmə hesab edilmişdir.
3. 2007-ci ildə dövlət büdcəsinin gəlirləri ümumi daxili məhsulun 24 faizi qədər proqnozlaşdırılmışdır. Yəni büdcə gəlirlərinin deyilən nisbətdə həcmi ildən-ilə artır. Biz bunu müsbət hesab edirik. 2007-ci ildə hökumətin büdcə vergi siyasəti gəlirlərin formalaşmasında aşağıdakı prinsiplərə əsaslanacaqdır: qeyri-neft sektorunda iqtisadi inkişafa nail olmaqla büdcə gəlirlərinin yığım əmsalının artırılması, vergi yükünün azaldılması, o cümlədən ayrı-ayrı vergi növləri dərəcələrinin optimallaşması, vergi borclarının azaldılması, vergitutma bazasının genişləndirilməsi məqsədi ilə vergi qanunvericiliyinin təkmilləşdirilməsi.
Qanun layihəsi büdcə gəlirlərinin strukturunda nisbi dəyişikliklərin baş verəcəyini nəzərdə tutur. Məsələn, ümumi gəlirlərin 85,3 faizini vergi gəlirləri, 19,7 faizini isə qeyri-vergi gəlirləri təşkil edəcəkdir. Göründüyü kimi, vergi gəlirlərinin bütün artımı bərpa olunmuşdur. Bu, iqtisadi siyasətin düzgünlüyünün göstəricisi hesab oluna bilər. Hökumət vergi siyasətini daim təkmilləşdirir. Lakin qeyri-vergi gəlirlərinin yığım mexanizmi hələ də yoxdur. Biz dəfələrlə bu haqda demişik. Hesab edirik ki, indiki mərhələdə belə mexanizmin yaradılması üçün böyük zərurət vardır. Həmin mexanizm də büdcənin ehtiyacları ilə yanaşı, ölkənin maliyyə sisteminin tarazlığının təmin edilməsi amilini nəzərə almalıdır.
4. Qarşıdakı ildə hökumətin büdcə xərcləri siyasəti seçilmiş prioritetlər üzərində qurulmuşdur. Prioritetlər – mərhələlər üzrə büdcə xərclərinin proqramlılığının təmin edilməsi, adambaşına maliyyələşdirmə prinsipi üzrə proqnozlaşdırmaya başlanması, sosial siyasətin ünvanlılığı və səmərəliliyin yüksəldilməsi, dövlət maraqlarının təmin edilməsi məqsədi ilə satınalmalara nəzarətin təmin edilməsi və maliyyə intizamının gücləndirilməsi, büdcə xərclərinin neftdən asılılığının mərhələlərlə azaldılması və sair kimi müəyyənləşdirilmişdir.
Büdcə xərcləri ümumi daxili məhsul istehsalının 27,5 faizi qədər olacaqdır. Büdcə xərclərinin funksional strukturunda ciddi dəyişikliklər baş verməyəcək. Xərclərin tərkibində ən böyük xüsusi çəki sənaye və tikinti xərclərinə məxsusdur. Bu, 26,6 faiz təşkil edir. İkinci mövqedə müdafiə xərcləri dayanır – 13,9 faiz. Təhsil xərcləri 12,8 faiz, sosial təminat xərcləri 9,4 faiz olacaqdır. Bununla bərabər Hesablama Palatasının rəyində xərclərlə bağlı bir sıra iradlar qeyd olunmuşdur. Xərclərin normativ bazasının qeyri-təkmilliyi qalıb. Bu haqda əvvəlki rəylərimizdə də demişik. Hökumət \normativ bazanın təkmilləşdirilməsi məsələsini qəbul və müvafiq iş apardığını bəyan edir. Hesab edirik ki, bu iş sürətləndirilməlidir. Büdcədənkənar vəsaitlərin proqnozlaşdırılması və istifadəsi mexanizminin olmaması, vəsaitlərin ayrıca xərc smetası üzrə istifadəsinin nəzərdə tutulması təcrübəsinin saxlanması xərc normativlərinin pozulmasına şərait yaradır. Bir sıra hallarda xərclərin bilavasitə təyinatı üzrə və əsas sərəncamçılar arasında bölüşdürülməsinin büdcə qanunu səviyyəsində təsbit olunmaması onlara nəzarəti çətinləşdirir. Xərclərin dövlət proqramları ilə əlaqəsi zəifdir. Büdcə təsnifatının dəfələrlə qeyd etdiyimiz qüsurları səbəbindən büdcə qanunu səviyyəsində xərclərin faktiki ünvansızlığı qalır və hətta artır. Bizim audit tədbirləri sübut edir ki, yuxarıda sadalanan səbəblərdən xərclərin icrasına nəzarət əhəmiyyətli dərəcədə çətinləşir.
5. Büdcə layihəsində, fikrimizcə, bir sıra digər qeyri-müəyyənliklər vardır. Məsələn, enerji sektoruna dövlət büdcəsi hesabına ediləcək dolayı subsidiyaların yenə də icmal büdcədə ayrıca sətirlə əks etdirilməsi nəzərdə tutulub. Əvvəllər, qeyd etdiyimiz kimi, belə mexanizmə nəzarət çox çətin idi. Onun səmərəliliyini göstərən parametrlər hələ də yoxdur. Qanun layihəsində xərclərin yalnız funksional iqtisadi təsnifat bölgüsü aparılır. Mərkəzləşmiş və yerli xərclərin necə ayrılması isə görünmür. Faktiki idarəetmə təcrübəsinə görə belə olduqda yerli xərclərin istifadəsində maliyyə cavabdehliyinə nəzarət çətinləşir. Bəzi xərclərin ünvanlılığı tam açılmır. Bu, icraya nəzarətdə problemlər yaradır. Məsələn, investisiya xərcləri yenə də büdcəyə ayrıca sətirdə “Sair tikintilər” adı ilə daxil edilmişdir. Büdcə xərclərinin dörddə birindən çox olan belə vəsaitlərin bölgüsünün qanunla təsdiq edilməməsi, onlara parlament və ictimai nəzarəti faktiki olaraq mümkünsüz edir.
Hesablama Palatasının apardığı nəzarət tədbirləri göstərir ki, ölkədə investisiya xərclərinin düzgün planlaşdırılması və istifadəsində problemlər qalmaqdadır. İnvestisiya xərclərinin sürətlə artdığını nəzərə alsaq, məsələnin əhəmiyyəti daha aydın olar. Neft Fondundan transferlərin məqsədli, proqramlı istifadəsi çoxsaylı inkişaf layihələri üzrə xərclərin dövlət proqramları ilə əlaqələndirilməsi və sair büdcə zərfində görünmür. Büdcə zərfində yoxsulluğun azaldılması, regionların sosial-iqtisadi inkişafı və sair kimi dövlətin böyük maliyyə dəstəyini tələb edən proqramların maliyyələşməsi ilə bağlı məlumat yoxdur.
Büdcə layihəsinə görə 2007-ci ildə ölkənin istehlak bazarında ödəmə qabiliyyətli tələbin həcminin əhəmiyyətli dərəcədə artımı davam edəcək. Bu isə iqtisadiyyatda inflyasiya təzyiqinin davam etməsi deməkdir. Hesab edirik ki, hökumət və Milli Bank bu baxımdan təsirli, qabaqlayıcı tədbirlər görməyə hazır olmalıdır. Qeyd olunan iradların bir çoxu dövlət büdcəsinin icrasının təmin edilməsi tədbirləri haqqında Azərbaycan Respublikası Prezidentinin fərmanında öz həllini tapa bilər. Belə olduqda büdcənin icrası və icraya ictimai nəzarətin səmərəliliyi daha da yüksələcək.
Hörmətli millət vəkilləri! Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ölkə iqtisadiyyatının sürətli inkişafı şəraitində dövlətin iqtisadi idarəetmədə tənzimləyici rolunun gücləndirilməsi üçün ardıcıl addımlar həyata keçirir. Hökumətin ilin rüblük yekunlarına həsr olunmuş geniş iclasları, ayrı-ayrı regionlarda müxtəlif problemlər üzrə Prezidentin bilavasitə apardığı müşavirələr buna sübutdur. Son dövrlərdə yaxşı ənənəyə çevrilmiş müşavirələrdə cənab Prezident artan maliyyə imkanları şəraitində dövlət nəzarətinin gücləndirilməsi zərurətini dəfələrlə vurğulamışdır. Bu məqsədə nail olmaq üçün ölkədə maliyyə nəzarəti qanunvericiliyinin təkmilləşdirilməsinə böyük zərurət vardır. Hazırda “Dövlət maliyyə nəzarəti haqqında” Qanunun hazırlanması istiqamətində Maliyyə Nazirliyi və Hesablama Palatası birgə fəaliyyət göstərir. Hesab edirik ki, bu qanunun qəbul edilməsi dövlət vəsaitlərindən istifadənin səmərəliliyinin artırılmasına ciddi təsir edəcəkdir.
Hörmətli Milli Məclis üzvləri! Hesablama Palatası öz rəyində bütövlükdə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin mövcud qanunvericiliyin tələblərinə cavab verdiyini qeyd edir və onun parlamentdə müzakirə olunaraq qəbul edilməsini təklif edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Namiq müəllim. Hörmətli millət vəkilləri, Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə keçirik. Müzakirə ilə bağlı çıxışlar siyahı üzrə olacaq. Ancaq belə bir təklifim var ki, biz bu gün və sabah günün birinci yarısında millət vəkillərini dinləyək, onların fikirləri formalaşsın. Sonra, günün ikinci yarısı müzakirələrdəki çıxışlara münasibətlərini bildirmək, büdcə layihəsi barədə fikirlərini demək üçün müvafiq nazirliklərin, komitələrin və şirkətlərin rəhbərlərinə söz verək, onlara da qulaq asaq. Etiraz yoxdur ki? Yoxdur.
Kompüter siyahıya cəmi 50 nəfərin adını yaza bilir, o da var. Hamı çıxış eləmək istəyir, işin gedişinə sonra baxarıq. Hələlik 10 dəqiqəlik reqlamenti qəbul eləyək, onunla işləyək. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri və hökumət nümayəndələri! Mən də bizə təqdim olunan büdcə sənədləri zərfində olan qanun layihələrini çox diqqətlə oxumuşam. Hörmətli nazirlərin, Milli Bankın İdarə Heyəti sədrinin çıxışlarını diqqətlə dinlədim. İlk növbədə, Hesablama Palatasının sədrinə öz iradımı bildirmək istəyirəm ki, bizə onun rəyi bu gün təqdim olunub və onunla, ümumiyyətlə, tanış ola bilməmişik. Mən, təbii ki, iqtisadçı deyiləm və rəqəmlərin dili ilə danışmayacağam. Amma rəqəmlərə ciddi şəkildə qulaq asdım, həm də özüm bacardığım qədər onları təhlil elədim. Qənaətlərimi istəyirəm sizinlə bölüşüm.
Azərbaycanın iqtisadi siyasəti digər ölkələrin iqtisadi siyasətindən əhəmiyyətli dərəcədə fərqlənir. İlk növbədə ona görə ki, Azərbaycanda büdcəyə daxil olan vəsait neftdən gələn və Azərbaycan neftinin başqa ölkələrə satışından əldə olunan gəlirlər hesabına formalaşır. Təəssüflər olsun ki, bu formalaşma ərəfəsində Azərbaycanın iqtisadi siyasətinin xətti indiyə qədər tətbiq olunmuş ərəb modelini xatırladır. Neftdən gələn gəlirlər ancaq binaların ucaldılmasına, yolların çəkilməsinə, parkların salınmasına, bir növ vizual, yəni görünən gözəlliklərin təşkilinə həsr olunub. Azərbaycan vətəndaşlarının inkişafı olduqca aşağı səviyyədə qalır. Düzdür, rəqəmlərin dili ilə danışan hörmətli nazirlər və hesabatda göstərilən rəqəmlər kifayət qədər fərqli şeylər deyir. Amma bu fərqli şeylərin içərisində, təbii ki, qiymət artımı vətəndaşlarımızı ciddi şəkildə narahat edir.
Əmək haqlarının artırılması keçən illər ərzində cəmi 125 faiz olduğu halda, təkcə ət məhsullarının qiyməti 267 faiz, qənd 167 faiz, şəkər tozu 200 faiz, nəqliyyatda gediş haqqı 100 faiz qalxıb. Təbii ki, bu rəqəmlər fonunda Azərbaycanda maaşlar nə qədər artırsa da, əhalinin sosial vəziyyəti düzəlmir, əksinə, günü-gündən pisləşir. Bəli, daxil olan vəsait hesabına büdcənin miqdarı da artır, maaşlar da artır, amma çox təəssüf ki, bu maaşların, büdcə artımının hesabına qiymətlər maaşlardan, əhalinin əmək haqqından iki dəfə, üç dəfə artıq bahalaşır və bu da vətəndaşlarımızın yaşayış həddinə ciddi şəkildə təsir eləyir. Çox qəribə də olsa, Ziyafət müəllim özü də çıxışlarının birində iki yerdə işləməsinə baxmayaraq, əmək haqqının ona güclə çatdığını qeyd etmişdi.
Sədrlik edən. İqbal müəllim, xahiş edirəm, Ziyafət müəllimin çıxışı, onun danışdığı sözlər də stenoqramda var, ona istinad eləməyin, xahiş edirəm, öz sözünüzü deyin. Mətbuat bunu başqa cür yazıbdır.
İ. Ağazadə. Ziyafət müəllimin dediyi yaxşı idi, onu sitat gətirdim, bəlkə də ondan sitat gətirən olmayacaqdı. Sitatdır, gətiririk də. Əgər bir müəllim, orta məktəb müəllimi bu qiymətlərin bahalaşması fonunda öz həyat şəraitini, yaşayışını təmin eləyə bilmirsə, Azərbaycana gələn bu qədər gəlirlərin, Azərbaycanda büdcənin bu qədər artmasının rəqəm kimi hesabatlara salınmasının heç bir əhəmiyyəti yoxdur. Mən hesab edirəm ki, ilk növbədə, biz neftdən gələn gəlirləri də, büdcəyə daxil olan vəsaitləri də əhalinin sosial həyat şəraitinin yaxşılaşdırılması istiqamətində yeni iş yerlərinin açılması və büdcə təşkilatlarında çalışanların əmək haqqının ən azı, bahalaşma nisbətində tənzimləməyi bacarmalıyıq.
Gəlin fikir verək, son dövrdə prokurorluq işçilərinin maaşı 2,5 dəfə, müəllimlərin maaşı isə cəmi 25 faiz miqdarında artırıldı. Bu 25 faiz artımla bazar qiymətinin artımı arasında nə qədər fərqlər var və bu fərqləri kimlər hansı formada ödəyə bilir? Mən hesab edirəm ki, nazirliklərin, hüquq mühafizə orqanlarının özünün də büdcə sistemində yerini əhəmiyyətli dərəcədə müəyyən eləmək lazımdır. Mən müdafiə xərclərinin məbləğinə baxıram. 2004-2005-ci ilə nisbətən əhəmiyyətli dərəcədə kifayət qədər artıb və 700 milyon ABŞ dollarına qaldırılıb. Hökumət, Azərbaycan iqtidarı qəti şəkildə müəyyən etməlidir ki, növbəti 5 ildə Azərbaycan müharibəyə gedəcəkmi, öz torpaqlarının müharibə yolu ilə azad olunmasına qərar verəcəkmi? Verəcəksə, Rusiyanın və Ukraynanın büdcəsinə axıdılan vəsait və oradan alınan köhnə texnikalar hesabına Azərbaycan qələbəni təmin edə biləcəkmi? Bu barədə ciddi düşünülməlidir. Yox, müharibə etməyəcəksə, korrupsiyaya, rüşvətxorluğa yol açan müdafiə sisteminə bu qədər pulun xərclənməsi nəyə lazımdır? O vəsait sosial sferaya yönəldilsə, daha düzgün olmazmı?
Bundan başqa, ifrat dərəcədə büdcə vəsaitlərinin, pulun dağıdılması baş verir. Adicə bir faktı elə burada da eşitdim. Pekində keçiriləcək Yay Olimpiya Oyunlarına getmək üçün 5,8 milyon manat, deputatların xaricə ezamiyyə xərclərinə 698 min manat vəsait ayrılır. Fərqlərə baxırsınızmı? Azərbaycan parlamentində onlarca qrup var, bu qrupların təşkili, Azərbaycanın bugünkü problemlərinin orada işıqlandırılması, lobbiçilik fəaliyyəti və sair işlər parlamentdən, onun iş fəaliyyətindən keçir.
Yaxud, 2006-cı ildə imzalanan bir sərəncama görə Bakı-Əzizbəyov dairəsi, aeroport yolunun tikintisi üçün 150 milyon ABŞ dolları vəsaitinin ayrılması, 14 kilometrlik bir yola bu qədər vəsaitin ayrılması, o yolun genişləndirilməsi və guya beynəlxalq standartlara uyğunlaşması nə dərəcədə məntiqə uyğundur? Görəsən, Bakı şəhər İcra Hakimiyyətindən indiyə qədər soruşan olubmu ki, 2005-ci ilin mart ayından indiyə qədər, təkcə Rəşid Behbudov küçəsi niyə üç dəfə əsaslı təmir olunub? Bu yolun tikintisi və onun istismarı, xərcləri cəmi bir ilə, yaxud 6 aya hesablanıbmı? O cümlədən tikilən Bakı-Ələt yolunun istismarı, xərcləri neçə ilə hesablanmışdı? Bu vəsaitin hansı şəkildə xərclənməsi barədə, hesab edirəm ki, kifayət qədər ciddi məlumat verilməli və bu məsələlər əsaslı şəkildə ortaya qoyulmalı idi.
Bundan başqa, hesab edirəm ki, elm-təhsil işçilərinin, səhiyyədə çalışanların maaşları olduqca aşağıdır. Bu maaşla, əslində, heç nə etmək, ailə dolandırmaq mümkün deyil. Bu gün akademiyanın müxbir üzvünün maaşı 90 dollara qədərdir. Bu gün səhiyyədə çalışan, elmi dərəcəsi olan həkimin, yəni elmlər namizədinin, elmlər doktorunun, professorun maaşı 90 ABŞ dollarına yaxındır. Bununla ailəni necə, hansı şəkildə saxlamaq mümkündür? Təkcə bir adamın təminatını görməyən bu maaş, əlbəttə, azdır. Axı, onların hər biri ailə başçısıdır.
Mən, yeri gəlmişkən, həm sosial müdafiəyə, həm vergiyə əlavə dəyişikliklər olması barədə müəyyən fikirlərimi bildirəcəyəm. Amma bir qədər də millət vəkilləri ilə bağlı bəzi məsələləri demək istəyirəm. Çox zaman millət vəkilləri burada özlərinin fəaliyyətlərinə dair hansısa məsələni qaldıranda, seçicilərlə bağlı problemlərdən heç nə danışmırlar, amma özləri üçün iş şəraiti yaratmağı tələb edirlər. Bu gün icra strukturlarında çalışanların, hətta icra hakimiyyətinin şöbə müdirlərinin də köməkçisi, maşını var. Söhbət millət vəkillərinin təkcə köməkçi ilə, maşınla təmin olunmasından getmir, həm də qanunverici orqanın respublikanın ictimai-siyasi həyatında çəkisindən və yerindən gedir.
Bu gün millət vəkillərinə 10 günün, 15 günün içərisində 4 cildlik büdcə sənədi veriblər. Seçicilərdən filan qədər şikayətlər aldıq, necə hazırlaşaq, bunu hansı formada təhlil eləyək? Köməkçisiz, texniki vəsaitlər olmadan bunları necə həll etmək mümkündür? Dövlət Yol Polisinə iki il bundan əvvəl Almaniya istehsalı olan “Folksvagen” maşınları vermişdilər. Yenidən onlara BMV markalı maşınlar verdilər. Heç olmasa, xahiş eləyək, köhnə “Folksvagen”ləri versinlər millət vəkillərinə ki, texniki cəhətdən onları təmin eləyə bilsinlər. Millət vəkillərinin iş şəraitinə bu şəkildə yanaşmaq olmaz. Qanunverici orqanın Azərbaycan Konstitusiyasına görə, çəkisi kifayət qədər yüksəkdir və Azərbaycanın ictimai-siyasi həyatında da onun yeri və rolu böyükdür. Mən hesab edirəm ki, büdcəni hazırlayan tərəflər bu məsələlərə ciddi şəkildə yanaşmalıdırlar. Təbii ki, söhbət mənim və yaxud başqa millət vəkilinin özünün şəraitini yaxşılaşdırmaqdan və yaxud da özü üçün nəyi isə əldə eləməyindən getmir. Maşınım da var, işə maşınla gəlirəm. Amma mənimlə bərabər həmin şöbə müdirlərinin də, başqalarının da maşınları var. Ən azı bu bölgüdə millət vəkillərinin yerindən və Milli Məclisin çəkisindən söhbət gedir. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün əgər 6 milyard ABŞ dolları qədər bir büdcəni müzakirə ediriksə, bu, ölkənin və dövlət başçısının yeritdiyi effektli və düzgün iqtisadi siyasətin nəticəsidir. Ən əvvəl, cənab Prezidentin özünün də vurğuladığı kimi, imkanlar artdıqca, ortaya çıxan vacib məsələ imkanlardan düzgün istifadə etmək, ilk növbədə daha mühüm sahələrə, illərlə öz həllini gözləyən problemlərə yardımlar, vəsaitlər ayırmaqdır.
Bir çox məsələlərə toxunacağam. Çünki ötən gün biz komissiyaların toplantısında, təəssüf ki, bu məsələlərin bəzilərinə cavab ala bilmədik. İndi nazirlərimiz buradadırlarsa, bu məsələlərə cavab alsaq, daha yaxşı olardı. Biz, Sabir müəllim, Gültəkin xanım, ümumiyyətlə, hamımız komissiyamızda bu məsələni qaldırdıq.
Prezidentimizin parlamentdəki çıxışında əsas vurğuladığı məqam ondan ibarət idi ki, bu gün biz hücum siyasətinə keçməliyik, Azərbaycan həqiqətlərinin dünyada təbliğ olunmasına çox böyük yer verməliyik. Yadınızdadırsa, parlamentdə biz bu məsələni bir neçə dəfə vurğulamışıq ki, dünyada xalqlar bu metoddan geniş istifadə edirlər. Bu gün təbliğatın dünyada əsas vasitəsi televiziyadır, bədii, sənədli filmlərdir. Mən bir dəfə çıxışımda da demişdim ki, yəhudilərin öz soyqırımlarını dünyaya tanıtmalarında kitablardan daha çox effektli rolu ona dair çəkdikləri filmlər oynayıbdır.
Ermənilərin qondarma erməni soyqırımının dünya ictimaiyyəti arasında bu qədər dəstək almasının əsas səbəblərindən biri də onların “Ararat” adlı bir bədii filmi ortaya çıxarmalarıdır. Təəssüf ki, bu gün Dağlıq Qarabağ münaqişəsi, Azərbaycan həqiqətlərinin çatdırılması ilə bağlı hansısa bədii filmimiz yoxdur. Azərbaycan üçün 4-5 milyon ABŞ dolları böyük bir vəsait deyil. Hətta, xaricdən mütəxəssislər cəlb etməklə, gözəl bir sənədli və ya bədii film ortaya çıxarmaq olar. Bunları biz təbliğ eləməliyik. Bir neçə il bundan əvvəl Almaniyanın ən məşhur kanalları Qarabağ haqqında film verirdilər. O filmdə Qarabağı respublika, Xankəndini də Stepanakert adı ilə paytaxt kimi təqdim edirdilər. Biz belə filmləri ortaya çıxara bilmirik? Çox təəssüf ki, mən bu barədə fikirləri eşitmirəm. Millət vəkilləri komissiya iclasında bunu vurğuladılar ki, hansısa bir nazirliyin tərkibində yox, ümumiyyətlə, ayrıca bir fond, ayrıca bir komitə, ayrıca bir qurum yaradılsın. Bu münaqişənin həlli istiqamətində hücum siyasətinə informasiya və Azərbaycan həqiqətlərinin təbliği ilə keçməyimiz çox vacib məsələdir.
Qaldıracağım daha bir məsələ müharibə əlilləri və şəhid ailələri ilə bağlıdır. Bu gün ölkədə müharibə əlillərinə evlər tikilir. Bu, çox müsbət haldır. Bunu, əlbəttə, alqışlayırıq, amma ortada maraqlı bir vəziyyət yaranıb. Müharibə əlillərinə ev tikilir. Bu adamların bəziləri 1-ci qrup əlildir, öz ailələrinin içərisindədirlər. Yəni valideyn kimi onların yanındadırlar. Bəzən belələrinin xəstəliyi ağır olsa da, biz onları, ilk növbədə, həm də sürətlə ev ilə təmin edirik. Amma ortada ailə başçısını itirmiş şəhid ailələri qalıb. Şəhid ailələrinin bu problemi barədə dövlət strukturlarımıza yazanda deyirlər ki, həmin məsələyə icra orqanları baxır. İcra hakimiyyətinə yazırsan, cavab gəlir ki, bizim bunun üçün maliyyə imkanlarımız yoxdur. Şəxsən mən, öz rayonumda hələ ki, icra orqanları səviyyəsində bir şəhid ailəsinə də ev tikilməsini görməmişəm. Şəhid ailələrinin evlə təmin olunması işində narazılıq çoxdur. Müharibə əlillərinə edilən güzəştlər onlara da şamil olunmalıdır. Odur ki, mən ölkənin məmurlarından, bu sahəyə cavabdeh şəxslərindən soruşmaq istəyirəm ki, necə olacaq? Bəlkə bu məsələ də müharibə əlilləri səviyyəsində tənzimlənsin? Yəni mərkəzləşdirilmiş şəkildə bunlara vəsait ayrılsın və bu adamlar da sürətlə evlə təmin olunsunlar.
Sonra, bir məsələyə də toxunmaq istəyirəm. Mən kənd rayonunu təmsil elədiyimə görə daha çox kəndlərin problemindən danışacağam. Azərbaycan əhalisinin böyük bir əksəriyyəti kəndlərdə yaşayır. Bu gün Azərbaycanda tələbə qəbulu başa çatdıqdan sonra mənim işimin əsas hissəsi yataqxana axtarmaqla bağlı olub. Hətta, mən ali məktəbə yüksək balla qəbul olan, Prezident təqaüdünə layiq görülən tələbəni bir yataqxanada zorla yerləşdirə bilmişəm.
Bu gün Azərbaycan kəndinin heç bir sakini övladını Bakıda kirayədə saxlayacaq qədər əmək haqqı almır. Kirayə qiymətləri sürətlə bahalaşdığına görə kənd rayonlarında problemlər yaranır. Bəlkə təhsilə ayrılan vəsaitin bir hissəsini, ya da ayrıca vəsait ayrılsın, yataqxanaların tikintisinə sərf edək. Türkiyənin Təhsil naziri burada olanda maraqlı bir ifadə işlətdi ki, Türkiyədən bura gələn çoxlu gənc burada tələbə kimi təhsil alır və onlar Azərbaycan büdcəsinə kifayət qədər pul ödəyirlər, yəni ödənişli qruplarda oxuyurlar. Amma bu gün ortaya çıxan, nazirin şəxsən mənə dediyi bir məsələ o oldu ki, gərək Azərbaycan hökuməti yataqxana məsələsini ciddi şəkildə nəzərdən keçirsin.
Tələbələrlə bağlı daha bir məsələni də demək istəyirəm. Yəqin millət vəkilləri xaricdə olanda, azərbaycanlı tələbələrlə görüşəndə də bu məsələ qaldırılıbdır. Bizim bir qrup tələbələrimiz var ki, onlar təhsil almağa öz xətləri ilə getmirlər. Yəni imkanlı adamların övladları öz xətləri ilə gedirlər, xaricdə təhsil alırlar. Amma bizim dövlət xətti ilə göndərdiyimiz tələbələr var, Azərbaycanın bütün sahələrində onlardan faydalı şəkildə bəhrələnirlər. Türkiyədə, Rusiyada, Ukraynada və başqa yerlərdə yüksək bilik və bacarıqları ilə təhsil alıb, Azərbaycana qayıdan tələbələrin həyatımızda xüsusi çəkisi var. Tələbələr həmişə bir məsələni qaldırırlar ki, aldıqları 50, 100 ABŞ dolları məbləğində təqaüd çox azdır. Çünki onların çoxu imkansız ailələrin uşaqlarıdırlar. Həmin məbləğlə xaricdə yaşamaq çox çətindir. Mən baxıram, biz onların təqaüdlərinə çox kiçik səviyyədə artımlar eləmişik. Onların sayı isə, o qədər də çox deyil. Bəlkə bu vəsaiti bir az da artırmaq olar? Ən azı, hamıya olmasa da, belə bir variantı nəzərdən keçirək ki, Türkiyədə, Rusiyada əla və yaxşı qiymətlərlə oxuyan tələbələrə bir qədər yüksək kateqoriya ilə təqaüd verək.
Digər bir məsələ. Bələdiyyələrlə bağlı ötən gün Arif müəllim çox gözəl bir sual verdi. Maliyyə naziri o suala cavab verməyə hazır olmadığını bildirdi. Bələdiyyələrə vəsait, ümumiyyətlə, hansı prinsiplərlə ayrılır? Məsələn, yazılır ki, 3 milyon manat yardım olunacaq. Bələdiyyələrin kəndlərdə hər kəs bilir ki, gəlir mənbələri çox azdır. Onlar 3 milyon manatla nə edə biləcəklər? Kənd yollarının vəziyyəti çox pisdir. Məktub yazanda, deyirlər ki, onların təmiri bələdiyyənin səlahiyyətinə aiddir. Kəndlərdə yaşayış problemləri artır, su xətlərinin, qaz xətlərinin çəkilməsi bələdiyyələrin səlahiyyətinə aiddir və onlar da, – bunu eləməyə bizim imkanımız yoxdur, – deyib, eləmirlər və bu problemlər yenə qalır.
Məsələn, mən Tovuz rayonundan seçilən millət vəkiliyəm. Strateji sayılan Əlibəyli-Ağdam istiqamətindəki yolla getmək, demək olar ki, mümkünsüzdür. Bəlkə bu yollar bələdiyyələrin balansından çıxarılsın, hansısa yol təşkilatına verilsin və bu məsələ də öz həllini tapsın.
Ziyad müəllimin dediyi bir məsələni mən də demək istəyirəm. Səhiyyəyə ayrılan vəsaitlər artır. Amma hər kəs, cənab nazir özü də vurğuladı, mütəxəssislər də bilir ki, biz icbari tibbi sığortaya keçmədən səhiyyəyə nə qədər pul vəsaiti ayrılsa da, bu sistemdə islahatlar aparmaq mümkün deyil. Nəyə görə biz icbari tibbi sığortanın həyata keçirilməsi məsələsinin üzərinə düşmürük? Mən istəyirəm belə bir suala cavab alım ki, biz nə vaxt bu məsələni həll eləyib qurtara biləcəyik.
Kəndlərdən dedik. Bu gün kəndlərdə vəziyyət necədir? Kinoteatrlar satılıb, mədəniyyət mərkəzləri yoxdur, olanların da bir hissəsi uçub dağılıb. Gənclər siyasətini həyata keçiririk, ancaq onların əylənmək, istirahət etmək, yığılıb nəyinsə müzakirəsini keçirməyə yerləri yoxdur.
Alkoqolizm, narkomanlıq meylləri güclənir. Azərbaycan gəncliyi ilə bağlı Dövlət Proqramına 1,7 milyon manat ayırırıq. Bununla nə eləmək mümkündür? “Gənclər evi” proqramı var. Nazirlikdən çox xahiş edirəm ki, bunun yaradılması üçün vəsait ayırsın. Burada, heç olmasa, balaca mərkəzlər qurulsun, orada kompüterlər, gündəlik mətbuat olsun. Gənclər siyasəti ilə bağlı bu vəsaitlə ciddi məsələləri həll edə bilməyəcəyik.
Əmanətlərlə bağlı. Rayonda hər kəs, – millət vəkillərinin əksəriyyəti bilir, – bu məsələni qaldırır. Buna 2006-cı ilin büdcəsində 50 milyon manat vəsait nəzərdə tutulmuşdu və əhaliyə də məlumat verilmişdi ki, artıq bu prosesə başlanılacaq. 2006-cı ildə hələ də bu prosesə başlanılmayıb, hətta verilən məlumatdan belə çıxır ki, 2007-ci ildə də bu prosesdən səs-soraq olmayacaq. Nədir bu məsələyə mane olan? Bəlkə bir mexanizm tapıb buna yavaş-yavaş başlamaq lazımdır. Ona görə ki, insanlar sual verəndə, nə vaxtdan bu məsələyə başlanacağını deyə bilək.
Mən çıxışımın sonunda bir suala da istərdim aydınlıq gətirilsin. Büdcədə "Sair xərclər" maddəsində nəzərdə tutulan vəsait mədəniyyət və kommunal təsərrüfatı xərclərindən çoxdur. Dünya praktikasında bu, ümumiyyətlə, qaranlıq məqamların artması kimi qeyd olunur. Bəlkə buna da aydınlıq gətirilsin. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri və mediya mənsubları! Mən büdcənin müzakirəsi ilə bağlı bəzi fikirlərimi diqqətinizə çatdırmaq istəyirəm. Əvvəla, büdcə xərclərinin 5,7 milyarda çatması bir nailiyyətdir, amma bu gün ölkədə yoxsulluq və işsizliyə qarşı aparılan mübarizə hələ bizim arzuladığımız nəticəni vermir.
Hələ də ölkədə işsizliyin və yoxsulluğun səviyyəsi yüksək olaraq qalır. Baxmayaraq ki, Azərbaycan Prezidenti də bütün çıxışlarında bu məsələnin daim diqqət mərkəzində olduğunu söyləyir və hökumətə tapşırıqlar verir. Builki büdcədə ən çox vəsait – 1,5 milyard manat tikintiyə, ondan sonra isə, təqribən 1 milyard manat hərbi xərclərə ayrılıb. Mən hərbi xərclərə bu qədər vəsait ayrılmasını alqışlayıram. Azərbaycanın Qarabağ problemini həll edə bilməsi, ümumiyyətlə, Dağlıq Qarabağ problemində Ermənistanı konstruktiv mövqeyə çəkməsi, öz hərbi potensialını artırması, bu məbləğin ayrılması vacibdir. Hərbi potensialı artırmaqla yanaşı, ölkə əhalisinin də psixoloji durumu o həddə gətirilməlidir ki, xalq hər zaman öz torpaqlarına nəzarət etməyə hazır olsun. Bununla yanaşı, təklif eləyərdim ki, biz həm ölkənin maliyyə ehtiyatlarından, həm də Neft Fondunda toplanan vəsaitdən ayrıca 1 milyard ABŞ dolları da inflyasiyaya təsir eləməsin deyə, silah və hərbi sursatın alınmasına ayıraq. Ümumilikdə götürdükdə, hərbi xərclər 2 milyard ABŞ dollarına çatdırılsın. Ölkənin valyuta ehtiyatları var. Bunu etmək, məncə, zəruridir. Əgər biz Dağlıq Qarabağ problemini qısa bir müddətdə həll eləmək istəyiriksə, daha bir 10 il də bu danışıqları aparmaq istəmiriksə, bu addımı atmalıyıq. Bir məsələ də onunla bağlıdır ki, bəzi hallarda qeyri-istehsal obyektlərinin tikintisinə dövlət kifayət qədər çox vəsait ayırır. Hazırda Gəncədə yeni beynəlxalq aeroport tikildi, Lənkəranda da tikilir. Bakının özündə olan beynəlxalq aeroportda isə, bir çox xarici aviakompaniyalar xətlərini bağladılar. Ona görə ki, sərnişin az daşınır. Azərbaycanda bu qədər beynəlxalq aeroporta ehtiyac yoxdur.
Zaqatalada yetişən fındığı Avropa Birliyi qəbul eləmir. Yaxşı olardı ki, bizdə yeyinti sənayesi inkişaf etdirilsin, işsizlik probleminin həlli üçün o rayonda emal müəssisəsi tikilsin. Yaxud, eyni ilə Lənkəranda belə emal müəssisələri tikilsin ki, gələcəkdə o müəssisə dövlətə vergi verəcəkdir.
Misal üçün, Xınalıq kəndinə 14 milyon manat vəsait ayrıldı, ora yol çəkildi. Halbuki məndə olan məlumata görə o yolla, yəni Xınalıqdan rayon mərkəzinə həftədə cəmi 8 nəfər adam gəlib gedəcək. 8 nəfərin gəlib getməsi ölkə üçün daha önəmlidir, yoxsa mənim seçildiyim Goranboy-Ağdam-Tərtər dairəsində 10 minlərlə hektar torpaq sahəsinin suvarılmaması? Bu gün orada 3 min artezian su quyusu qazılsa, – buna təqribən 75 milyon dollar vəsait tələb olunur, – onların su problemini həll eləmək olardı. Mən bu məsələni Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri Eldar müəllimin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri cənab Əhməd Əhmədzadə qarşısında da qaldırmışdım. Şəmkir kanalı uzadılmalıdır. İyun ayından, Oqtay müəllim, Sizə, eyni zamanda hökumət nümayəndələrinə üzümü tutub deyirəm, artıq artezian quyularına və Qarabağ kanalı üzərində qurulmuş su nasoslarına elektrik enerjisi verilməsi dayandırılıb. Səbəbini belə izah edirlər ki, limit başa çatdı. Mən maraqlanmışam ki, bu limit nədir, deyiblər ki, müəyyən bir hədd müəyyənləşib, o həddən sonra artıq elektrik enerjisi verilmir. Su var, boru var, artezian quyuları işlək vəziyyətdədir, amma elektrik enerjisi verilmədiyinə görə işləmir. Camaat da 10 minlərlə, təqribən 100 min hektara qədər torpaq sahəsinin yarısından istifadə edə bilmir. Torpaqların yarısında, tam suvarılmadığına görə, məhsuldarlıq 50 faiz aşağı düşübdür.
Prezident də bu məsələni qoyub ki, bazarlarda qiymətlərlə bağlı monopoliyalar aradan qaldırılmalıdır. Dediyim vəziyyəti aradan qaldırmaq, əlbəttə, qiymətlərə də təsir göstərəcək. Amma, ümumən bu problemi həll eləmək üçün ölkədə məhsul bolluğu yaratmaq lazımdır.
Ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı keçən illə müqayisədə artıbdır. Dövlət Statistika Komitəsinin sədri burada əyləşibdir, yəqin ki, o da təsdiq eləyər. Bu yaxınlarda mən onun mətbuat konfransındakı söhbətinə qulaq asdım, dedi ki, keçən illə müqayisədə qiymətlər aşağı düşüb. Buna görə də mən təklif eləyərdim ki, bu sahəyə məhz bu ilin büdcəsindən vəsait ayrılsın ki, bütünlüklə Aran Qarabağın su problemi həll olunsun və orada 7 rayonun əhalisinin gündəlik yaşayışı normal hal alsın. Çünki onlar yalnız kənd təsərrüfatı hesabına dolanırlar. Kənd təsərrüfatı məhsullarının ölkədə artımına gətirib çıxaracaq məsələ isə, təcili həll olunmalıdır.
Gələn il üçün ölkədə Milli Olimpiya idman komplekslərinin tikintisi nəzərdə tutulub. Bundan ötrü təqribən 10 milyonlarla ABŞ dolları məbləğində vəsait ayrılacaq. Hesab eləyirəm, Azərbaycanda tikilmiş belə komplekslər kifayətdir. Rayonlarda emal müəssisələri yaradılmalıdır ki, camaat iş yeri ilə təmin olunsun.
Goranboyda bir konserv zavodu var idi. Bundan öncəki icra başçısı o konserv zavodunun hətta divarlarını da söküb satıbdır. Əhalinin bağlarında meyvələr ağaclarda qalıb. Onlar bilmirlər ki, o meyvəni nə eləsinlər? Bakıya gətirib satmaq indi kənd camaatına bir o qədər də əl vermir. Camaatın hamısının bir xahişi var ki, su problemi həll olunsun, bir də onların meyvə-tərəvəzinin emalı üçün emal müəssisələri yaradılsın.
Hesab edirəm, hökumət həm də mülki cəmiyyət quruculuğu proseslərinə diqqət yetirməlidir. Cənab Prezident tərəfindən struktur islahatları dövlət idarəetməsində də aparılır. Bu da öz müsbət nəticələrini verir. Bu sahədə atılmış addımlar doğru və düzgün olub. Amma məndən öncəki həmkarlarım da çıxışlarında düzgün qeyd elədilər ki, Azərbaycanda bələdiyyələrlə və qeyri-hökumət təşkilatları ilə iş üzrə bir dövlət agentliyi yaradılmalıdır. Bələdiyyələrə ayrılan 3 milyon vəsait, əlbəttə, azdır. Məncə, bu sahəyə kifayət qədər vəsait ayrılmalıdır. Məsələn, qonşu Rusiyada bu gün 5 milyon ABŞ dolları məbləğində vəsait həmin o agentlik vasitəsi ilə qeyri-hökumət təşkilatlarına verilmişdir. Bizdə də müəyyən layihələrin maliyyələşdirilməsi üçün qeyri-hökumət təşkilatlarına vəsait ayrılsa, yəqin ki, onlar xarici donor təşkilatların, xarici səfirliklərin qapısına getməz, oralardan yığışacaqlar. Bu, dövlətçiliyimiz üçün son dərəcə önəmlidir.
Siyasi partiyaların dövlətdən maliyyələşməsi həyata keçirilməlidir. Bunu bütün sivil ölkələrdə olduğu kimi, Azərbaycanda da eləmək lazımdır. Yayda BMT-nin Qaçqınlarla iş üzrə Ali komissarı Bakıya gəlmişdi. O çox təəssüflə bildirdi ki, Azərbaycandakı qaçqınlar, ümumiyyətlə, Qarabağ problemi ilə bağlı dünya ictimaiyyətində lazımi məlumatlar yoxdur.
Azərbaycanda ingilis dilli bir televiziya kanalının yaradılmasına çox böyük ehtiyac var. Dövlət bu məqsədlə vəsait ayıra bilər. AZTV-nin, ya İctimai televiziyanın bazasında belə bir proqramın yaradılmasına çox böyük ehtiyac var. Məndən öncə də bu fikri qeyd elədilər.
Bizim beynəlxalq təşkilatlardakı işimizlə bağlı olan bir məsələyə toxunmaq istəyirəm. Biz 9,5 milyon manat beynəlxalq təşkilatlara üzvlük haqqı ödəyirik. Amma bu beynəlxalq təşkilatların imkanlarından kifayət qədər istifadə eləyə bilirikmi? Məsələn, bu ay NATO Parlament Assambleyasının iclası keçiriləcək. Kanadaya beş nəfər nümayəndə heyətindən cəmi iki nəfəri göndərmək mümkündür. Ona görə ki, vəsait çatmır. 9 milyon yarım üzvlük haqqı ödəyirik, amma o təşkilatlara nümayəndə heyətini tam şəkildə göndərə bilmirik. Mən yaz sessiyasında iştirak eləyirdim. Cənubi Qafqazdakı münaqişələrlə bağlı müzakirə gedərkən, çıxış eləməli olan icraçı direktor gəlib çıxmamışdı. Jirinovski "biz olmasaq, Cənubi Qafqazdakı xalqlar bir-birini qırar, Azərbaycan bizim hesabımıza yaşayır" deyəndə, mən ona öz kəskin etirazımı bildirdim. Dedim ki, siz çox ədalətsiz çıxış edirsiniz. Buna görə də bütün Türkiyə nümayəndəliyi mənə öz təşəkkürünü bildirdi.
Biz bu gün bir tərəfdən Qarabağ problemini sülh yolu ilə həll eləmək istəyirik, digər tərəfdən də beynəlxalq təşkilatlarda iştirak eləyə bilmirik. Komitələrin iclasına cəmi iki nəfər gedir, halbuki beş komitə var. Belə çıxır ki, onların iclaslarında yenə də nümayəndələrimiz tam şəkildə olmayacaq. Hökumət bu barədə də ciddi düşünməlidir.
Millət vəkili İqbal Ağazadə burada məsələ qaldırdı ki, deputatlara münasibət dəyişməlidir. Mən buna görə hökumətə müraciət eləmirəm. Həmkarlarıma üz tutub deyirəm ki, biz hökumətdən millət vəkillərinə normal şərait yaradılmasını tələb eləməliyik. Millət vəkilləri normal fəaliyyət göstərə bilsin deyə, onlar üçün avtomobil və ən azı iki nəfər köməkçi ayrılmalıdır. Bu, dünyanın hər yerində belədir, Azərbaycanda da belə olmalıdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, birinci, maliyyə məsələsi, ezamiyyə xərcləri ilə əlaqədar heç bir problem yoxdur. Mən sizə söyləmişdim ki, NATO Parlament Assambleyasının iki tədbiri var. Birinə Ziyafət müəllimlə Siyavuş müəllim gedirlər, o birinə də Siz. Maliyyə ilə əlaqədar məsələni nəyə görə qaldırırsınız? Milli Məclisin bütün maliyyə məsələləri həll olunur. Bunu dəqiqləşdirin, sonra çıxış edin. Bu məsələlərlə bağlı kömək lazım olsa, deyin. Ezamiyyə ilə əlaqədar harada bir maliyyə məsələsi çıxıb? Xahiş edirəm, bu məsələləri deyəndə, bir az diqqətli olun, sözlərinizə görə cavabdehliyinizi unutmayın. Musa Quliyev, buyurun.
M. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli xanımlar və cənablar! Azərbaycan hökuməti tərəfindən tərtib olunmuş, möhtərəm Prezidentimiz İlham Əliyevin tövsiyəsi ilə Milli Məclisin müzakirəsinə göndərilmiş 2007-ci il dövlət büdcəsinin layihəsi olduqca dolğun, müfəssəl, izahlı hazırlanmışdır. Bu sənəddə sosial-iqtisadi həyatımızın bütün sahələrinin maliyyələşdirilməsi ilə bağlı kifayət qədər geniş, şəffaf informasiya vardır. Büdcə layihəsinin hazırlanmasında əməyi olmuş bütün insanlara minnətdarlığımı bildirirəm. Müzakirə zamanı millət vəkillərinin söyləyəcəkləri iradlar və təkliflər, yəqin ki, nəzərə alınacaq və biz 2007-ci ilə daha mükəmməl bir büdcə ilə gedəcəyik.
Azərbaycan öz inkişafının yeni mərhələsinə, quruculuq və tərəqqi mərhələsinə qədəm qoymuşdur. Prezident İlham Əliyevin sürətli sosial-iqtisadi strategiyası özünün yeni-yeni bəhrələrini verir. Ölkəmizin iqtisadi qüdrəti möhkəmlənir, quruculuq, abadlıq işləri genişlənir, xalqımızın maddi rifah halı yaxşılaşır. 2007-ci ilin büdcəsinin ötən, yəni içərisində yaşadığımız 2006-cı ildəkinə nisbətən 40 faiz yüksək olması uğurlarımızın gələcəkdə də davam edəcəyindən xəbər verir. Bu gün həm büdcə, həm də hökumətimizin fəaliyyəti ilə bağlı bəzi problemlər vardır. Bu məsələlərin həll olunmaması hökumətin gördüyü böyük işlərə kölgə salır, insanlarda inamsızlıq yaradır və bəzi sosial qurumların narazı qalmasına səbəb olur. Düşünürəm ki, bu məsələlər haqqında açıq danışmaq lazımdır. Sağlam tənqid, fəal, prinsipial Heydər Əliyevçi münasibəti özünü daim göstərməlidir.
Mən Sosial siyasət daimi komissiyasında təmsil olunuram. Ona görə sosial sahədə olan bəzi problemlər haqqında danışmaq istəyirəm. Sovet hökuməti vaxtından qalan əmanətlərin qaytarılması məsələsi niyə indiyə qədər həll olunmayıb? 2006-cı ilin büdcəsində bu məqsəd üçün 50 milyon manat nəzərdə tutulsa da, bu iş reallaşmadı. Niyə? Qanun qəbul edilib, amma icra olunmayıb. Məsuliyyət daşıyan da yoxdur. Mən soruşmaq istəyirəm, gələn il bu məsələ necə olacaqdır və öz həllini tapacaqmı?
Digər bir məsələ haqqında fikrimi söyləmək istəyirəm. Hər bir ölkədə sosial stabilliyin davamlılığı indeksi orta aylıq əmək haqqının minimum əmək haqqına olan nisbəti ilə ölçülür. Əgər bu nisbət 30 faizdən çoxdursa, onda sosial qütbləşmənin dərinləşməsi və sosial sabitliyin zəifləməsi təhlükəsi yaranır. Azərbaycanda isə orta aylıq əmək haqqı ilə minimum əmək haqqı arasındakı nisbət 6 dəfədən çoxdur. Belə olmaz. Bu vəziyyətdə bütövlükdə xalqın sosial rifah halının yaxşılaşmasından danışmaq mümkün deyil. Hökumət minimum əmək haqqı və pensiyaların orta aylıq əmək haqqına nisbətdə yaxınlaşması üçün təcili və ciddi tədbirlər görməlidir.
2006-cı ili cəsarətlə sosial-müdafiə sahəsində inqilabi dəyişikliklər ili adlandırmaq olar. Bu il əmək pensiyaları, sosial müavinətlər, ünvanlı sosial yardım haqqında qanunlar qəbul edildi. Dövlət Sosial Müdafiə Fondu tərəfindən uğurlu islahatlar aparıldı və belə islahatlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yenə də aparılır. Təəssüf ki, belə cəsarətli islahatların səhiyyə və təhsil sahəsində aparılması barədə ağız dolusu danışmağa o qədər də əsasımız yoxdur. Düzdür, son vaxtlar həm səhiyyə, həm təhsil sahəsində ayrı-ayrı məqsədli proqramların qəbul edilməsi təqdir olunmalıdır. Amma köklü islahatların aparılmasında biz həm səhiyyə, həm təhsil sahəsində ləngiyirik. İnsanların maddi sosial rifah halı o zaman yaxşılaşır ki, onların qazancları orta aylıq əmək haqqına yaxın olur. Tibbi və təhsil xərclərinin müəyyən hissəsinin dövlət tərəfindən ödənilməsi üçün səhiyyədəki və təhsildəki islahatlar sürətləndirilməlidir. Məndən öncə hörmətli Qənirə xanımın toxunduğu bir məsələni təkrar etməklə onu hörmətdən salmaram. Təcili şəkildə tibbi sığorta tətbiq olunmalıdır. Nə qədər ki, tibbi sığorta tətbiq olunmayıb, səhiyyədə ünvanlılıq prinsipinə keçilməyib, dövlət büdcəsinə səhiyyə nə qədər artıq vəsait ayırsa da, onun əhəmiyyəti olmayacaqdır. İlkin səhiyyə xidmətinin yeni modeli yaranmalıdır.
Bələdiyyə tibb müəssisələri, bələdiyyə uşaq bağçaları və bələdiyyə məktəbləri formalaşmalıdır. Bələdiyyələr torpaq satan qurumdan yerli idarəetmə orqanına çevrilməlidirlər. Büdcədən ali məktəblərdə pullu oxuyan tələbələrə uzunmüddətli və məqsədli kreditlər ayrılmalıdır. Özəl ali təhsil müəssisələrinin vergi yükü azaldılmalıdır ki, həmin gələn gəlirdən özəl tibb müəssisələrinin, özəl universitetlərin inkişafına xərclənsin. Şəhid ailələrinin və digər aztəminatlı insanların övladlarının həmin müəssisələrdə güzəştli şərtlərlə oxuması təklif olunsun.
Daha bir təklifim Dövlət Sosial Müdafiə Fondunun, Neft Fondunun gəlirləri ilə bağlıdır. Bir çox ölkələrin təcrübəsi göstərir ki, Neft Fondunun gəlirləri təhsilə və səhiyyəyə xərclənərsə, bu, daha effektli olar. Gəlin biz də bu prinsipi həyata keçirək və Neft Fondunun gəlirlərinin yalnız səhiyyə və təhsilə xərclənməsi məsələsini müzakirə edək.
Təhsildən danışarkən bir məsələyə də toxunmaq istəyirəm. Bu ilin martında hökumətin parlamentdə hesabatı dinlənilərkən mən Gəncədəki orta məktəblərin və uşaq bağçalarının heç birində mərkəzləşdirilmiş istilik sisteminin işləmədiyini bildirmiş və əlaqədar icra orqanlarından bu işə əncam çəkilməsini xahiş etmişdim. Maliyyə Nazirliyindən mənə verilən məlumata görə gələn ilin büdcəsində Gəncədəki bütün orta məktəblərin və uşaq bağçalarının, bütün təhsil müəssisələrinin mərkəzləşdirilmiş istilik sisteminin qurulması üçün maliyyə vəsaiti ayrılmışdır. Buna görə onlara təşəkkürümü bildirirəm. Təhsil nazirimizdən xahiş edirəm ki, bu məsələnin reallaşmasını, həyata keçirilməsini öz nəzarətinə götürsün.
Digər bir sosial problem haqqında da hörmətli hökumət üzvlərinə öz narahatlığımı bildirirəm. Sosial sahənin maliyyələşməsindən danışarkən hörmətli millət vəkillərinin və hökumət üzvlərinin diqqətinə onu çatdırmaq istəyirəm ki, 20 Yanvar şəhidləri ailələrinə verilən müavinət ilə Qarabağ şəhidləri ailələrinə verilən müavinət arasındakı fərq hələ də qalmaqdadır. Məlumdur ki, hörmətli Prezidentimizin bu ilin əvvəlindəki sərəncamı ilə 20 Yanvar şəhidləri ailələrinə verilən müavinətlər qaldırıldı. Hazırda Qarabağ şəhidləri ilə 20 Yanvar şəhidləri ailələrinə verilən müavinətlər arasında 8 dəfə fərq var. Bu da Qarabağ şəhid ailələrində haqlı narazılıq yaradır. Şəhidin adı Quranda da, qanunda da birdir. Dirilərin arasında ayrı-seçkilik etmək təkcə qanunu pozmaqdırsa, şəhidlər arasında ayrı-seçkilik salmaq isə həm də Allah yanında günaha batmaqdır. Xahiş edirəm ki, büdcə layihəsində dəyişiklik edilsin və Qarabağ şəhidlərinin müavinəti 20 Yanvar şəhidlərinin müavinətinə uyğunlaşdırılsın.
Çıxışımı yekunlaşdıraraq bildirmək istəyirəm ki, 2007-ci il dövlət büdcəmiz şəffafdır, tarazlaşdırılmışdır, investisiya tutumludur, sosial inkişafa və tərəqqiyə hesablanmış büdcədir. Büdcənin təsdiq olunmasının lehinə səs verəcəyəm. Xalqımızın sosial rifah halının daha da yüksəlməsi və ölkəmizin qüdrətlənməsi yolundakı yorulmaz fəaliyyətində möhtərəm Prezidentimizə və hökumətimizə uğurlar arzulayıram! Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Əlbəttə, bu gün biz Milli Məclisdə Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsinə toplaşmışıq. Hökumətin geniş hesabatı məmnunluqla dinlənildi.
Möhtərəm Prezidentimiz cənab İlham Əliyev büdcənin formalaşması, xərclənməsi, 2007-ci il büdcəsinin prioritet istiqamətləri haqqında müzakirəni artıq xalqla birlikdə aparmışdır. Cənab Prezidentin təkcə 2006-cı ilin oktyabrında regionlara səfərində, həmçinin Bakıda keçirilən 12-ci “Bakutel” beynəlxalq konfransında, Nazirlər Kabinetinin 2006-cı il 9 aylıq hesabatına həsr olunmuş iclasında etdiyi çıxışlara diqqət yetirsəniz, büdcəyə aid bütün suallara cavab tapa bilərsiniz. Cənab Prezident bu çıxışlarında büdcənin hansı sahələrdən formalaşdığını, hansı istiqamətlərdə xərcləndiyini aydın göstərmiş, ölkənin siyasətinin strateji istiqamətini tam açıqlamışdır. Ölkəmizin beynəlxalq enerji layihəsindəki iştirakının və rolunun, qeyri-neft sektorunun inkişafının ölkənin gələcəyindəki əhəmiyyəti, müstəqilliyimizin və ərazi bütövlüyümüzün toxunulmazlığı, ölkənin müdafiə qüdrətinin artması, işğal olunmuş torpaqlarımızın geri qaytarılması üçün büdcənin hərbi xərclərinə xüsusi fikir verilmişdir. Azərbaycanın informasiya və kommunikasiya texnologiyaları sahəsində bölgədə liderlik edən ölkəyə çevrilməsi, onun Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində avtomobil, dəmir yolu, hava və dəniz nəqliyyatlarının, həmçinin kommunikasiya xətlərinin yenidən qurulması və inkişafı da təqdirəlayiqdir.
Ağır sənayenin inkişafı və yeni texnologiyaların tətbiqi, təzə müəssisələrin açılması, xidmət sahələrinin yaxşılaşdırılması və 500 minə qədər iş yerlərinin açılması, əhalinin sosial vəziyyətinin və sağlamlığının təmin edilməsi istiqamətində və başqa sahələrdə görülən işlər haqqında fərəh doğuran faktlar vardır. Bunların Prezidentin Gəncədəki görüşlərində xalq tərəfindən necə sevinc, sevgi və fəxarətlə qarşılandığının mən və mənimlə birlikdə olan deputat həmkarlarım şahidi olduq. Söylədiklərimi nəzərə alaraq, Nazirlər Kabinetinin hesabatını müzakirə edərkən bizə o qalır ki, hökumət üzvlərindən, xüsusilə nazirlərdən və komitə sədrlərindən xahiş edək ki, ölkənin inkişafı və xalqın rifahı üçün ağıllı, düşünülərək müəyyənləşdirilmiş strateji siyasəti düzgün dəyərləndirsinlər və onun taktikasını peşəkarlıqla, ədalət və sədaqətlə həyata keçirsinlər.
Hörmətli xanımlar və cənablar! Uzun illər tədris sahəsində çalışdığıma görə hesabatda bir məsələyə xüsusi toxunmaq istəyirəm. Hesabatdan göründüyü kimi, ölkəmizdə cəmi 1668 nəfər elmlər doktoru, professor vardır. Onların da əksəriyyəti yaşlı insanlardır. Bu alimlərin aylıq əmək haqqı 80 manat, elmi dərəcəyə görə isə aldıqları isə 50 manatdır. Cəmi 130 manat təşkil edir. Şübhəsiz ki, ömrünü elmə, təhsilə həsr etmiş bu ziyalılar üçün bu qədər əmək haqqı çox aşağıdır. Bunu nəzərə alaraq, onların dərəcə maaşlarının 2007-ci ilin büdcəsində bir neçə dəfə qaldırılması vacib məsələdir. Ona elə böyük vəsait də tələb olunmur. Lakin bu, çox əhəmiyyətli və ədalətli bir işdir.
Hörmətli hökumət üzvləri, hörmətli deputatlar! Nazirlər Kabinetinin hesabatı keçən ildən fərqli olaraq çox dolğun, məzmunlu tərtib edilmişdir. Lakin hesab edirəm ki, milli və mənəvi dəyərlərimizin qorunmasında, mədəniyyətimizin, adət-ənənələrimizin saxlanması və təbliğində, eləcə də xalqımızın əsas sərvəti olan uşaqların və gənclərin inkişafında müstəsna rolu olan Heydər Əliyev Fondunun gördüyü çox vacib işləri, büdcədən kənar olsa da, burada ayrıca qeyd etmək yaxşı olardı. Çünki bu fəaliyyət hökumətin görəcək işlərinin tərkib hissəsidir. Yekunda büdcə layihəsini müsbət qiymətləndirərək onun qəbul olunmasına səs verəcəyimi bildirir və deputat həmkarlarımı da buna çağırıram. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun. Hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Çıxışımdan öncə mən bir arayış vermək istərdim. Çünki bir neçə dəqiqə bundan öncə bu zalda səsləndi ki, akademiyanin müxbir üzvləri 90 manat maaş alır. Mən də müxbir üzvəm. Bu, yanlış bir rəqəmdir. Akademiyanın müxbir üzvünün maaşı ən azı söylənən rəqəmin 3-4 misli qədərdir. Xahiş edirəm, çıxışları zamanı bu rəqəmləri deyəndə, bir az diqqətli olsunlar.
Müzakirəyə təqdim olunan büdcə Azərbaycanda dinamik inkişafı təsdiq edir. Mən çox rəqəmləri demək istəmirəm. Ən azı onu demək istəyirəm ki, əgər bir neçə il bundan öncə Azərbaycanın büdcəsi 2 milyard ABŞ dollarına bərabər idisə, 2007-ci ilə bu rəqəm 6 milyard ABŞ dollarına bərabərdir. Dünyada çox nadir ölkələr var ki, orada belə bir inkişaf, yəni vəsaitin 3 misli qədər artım müşahidə olunur. Bir neçə rəqəmi misal gətirmək istərdim. Bu gün Azərbaycanın valyuta ehtiyatları 1,6 milyard ABŞ dolları təşkil edir. Bir o qədər də Neft Fondu təşkil edir. Bu gün Azərbaycanın büdcəsi 6 milyard ABŞ dollara qədər yüksəlib, xarici borc isə 3,9 milyard ABŞ dolları təşkil edir. Mən hesab edirəm ki, belə bir büdcəsi, belə ehtiyatları olan ölkənin, yəqin ki, kredit siyasəti daha aktiv həyata keçirilə bilərdi. Çünki 1,9 milyard ABŞ dolları belə bir ölkə üçün heç də böyük borc deyil.
Dünya Bankına üzv ölkələrin inkişafında 3 amil xüsusi qeyd edilir. Bu, insan, sənaye və təbii ehtiyatlar amilidir. Sözsüz ki, dünyada bu baxımdan ən yüksək inkişaf etmiş bölgə Şimali Amerika sayılır. Orada insan amili 76 faiz, sənaye 19 faiz və təbii sərvətlər 5 faiz təşkil edir. Əgər inkişaf etmiş Avropa ölkələrinə gəlsək, bu rəqəmlər bir az da aşağıdır.
Bütün inkişaf edən ölkələrdə bu insan amili getdikcə artmaqdadır və onun kökündə, təbii ki, elm və təhsil durur. Bu gün dünyada elmə verilən xərclər nəyə bərabərdir? Dünyada elmə təxminən 400 milyard ABŞ dolları sərf olunur. Onun 100 milyardını Amerika Birləşmiş Ştatları, 23-25 faizini isə dünyanın bu gün ən böyük sürətlə inkişaf edən Çin dövləti verir.
Digər dövlətlərdə də bu rəqəm yüksəkdir. İnkişaf etmiş ölkələrdə elmə ayrılan vəsait büdcənin təxminən 6-7 faizini təşkil edir. Gəlin baxaq, Azərbaycanda bu gün nə baş verir. 4-5 il bundan əvvəl bu zalda büdcəni müzakirə edəndə o zaman elmə ayrılan xərclər büdcənin 1,2 faizini təşkil edirdi. O vaxt hətta belə bir qərara gəldik ki, biz çalışaq bu rəqəmi 1,5-2 faizə qaldıraq. Bu gün elmə ayrılan xərclər büdcənin 0,66 faizini təşkil edir. Yəni bu rəqəm 2 dəfə aşağı düşüb.   Əgər biz ölkənin gələcəyini düşünürüksə, əgər biz inkişafı düşünürüksə, əgər biz insan amilinə önəm veririksə, sözsüz ki, bu rəqəm artmalıdır. Məsələn, qonşu Rusiyada belə bir qərar qəbul olundu ki, elmə ayrılan xərclər büdcənin 4 faizini təşkil etsin və onlar da buna nail oldular. Amma bizdə bu, getdikcə azalır. Ona görə hesab edirəm ki, bu məsələyə xüsusi diqqət yetirilməlidir.
Azərbaycan Milli Elmlər Akademiyasında, doğrudan da, acınacaqlı bir vəziyyət yaranıbdır. Mən bir kəlamı demək istəyirəm. Vaxtı ilə ümummilli lider Heydər Əliyev belə bir kəlam söylədi: “Elmlər Akademiyası Azərbaycan xalqının mənəvi varlığıdır və o qorunub saxlanmalıdır!”. Əgər biz bu sözləri həyata keçirmək istəyiriksə, sözsüz ki, akademiyaya ayrılan vəsait qaldırılmalıdır. Bu gün elmlər doktoru Elmlər Akademiyası sistemində və ali məktəblərdə də çalışır. Amma onların maaşları arasında 2 dəfə fərq var.
Bu gün ali məktəblərdə ödənişli təhsil alan tələbələrdən gələn vəsait hesabına müəllimlərin maaşı qaldırıla bilir. Amma Elmlər Akademiyasında bu baş vermir, ona görə belə bir vəziyyət yaranır. Elmlər Akademiyasında və ali məktəbdə çalışan elmlər doktorunun maaşında 2 dəfə fərq var. Elmlər Akademiyasında bu maaşı qaldırmaq üçün böyük bir vəsait lazım deyil. Söhbət 20 milyon manatdan gedir. 20 milyon manat bizim büdcəmizin 0,3 faizini təşkil edir, bəlkə ondan da az. Ona görə, mən çox xahiş edərdim ki, hörmətli nazirlər buna fikir versinlər. Bu gün ölkədə orta maaş 235 manatdır. Amma elmlər doktorunun, professorun maaşı bunun yarısı qədər, yəni 120 manatdır. Dünyada elə bir ölkə yoxdur ki, orada elmlər doktorunun, professorun maaşı ölkədə olan orta maaşın yarısını təşkil etsin.
Bir misal da gətirəcəyəm, onu mən komissiyanın iclasında da dedim. Təsəvvür edin ki, bir ailə var. Bu ailədə ata da, ana da professordur. Onların 2 uşağı var. Azərbaycanda belə ailə çox azdır ki, ata da, ana da professor olsun. Amma bu bizim üçün şərəfdir. İndi bu ailəyə gələn maaş 240 manat təşkil edir. Bunu biz 4-ə böləndə 60 manat edir. Amma bizdə ölkə üzrə yaşayış minimumu adambaşına orta hesabla 64 manat təşkil edir. Bu, 64 manatdan da azdır. Mən bizim hörmətli nazirlərimizdən çox xahiş edirəm ki, bu məsələyə xüsusi diqqət yetirsinlər.
Mən aspirantların təqaüdləri məsələsinə də toxunmaq istəyirəm. Bu gün həmin məbləğ 52 manat təşkil edir. Mən bir azərbaycanlı kimi sevinirəm ki, aspirant üçün belə bir şərait yaranıb. O qədər böyük vəsait olmasa da, hər halda bu, ciddi bir sürətdə artırılıbdır. Amma burada bir paradoksal vəziyyət yaranıbdır. Mənim laboratoriyamda bir aspirant var, onun maaşı 52 manatdır. Amma aspiranturanı qurtarıb və gəlib elmi işçi kimi çalışanın maaşı 30 manatdır. Ona görə mən Təhsil Nazirliyindən, Maliyyə Nazirliyindən xahiş edirəm ki, bu paradoksal vəziyyət aradan qaldırılsın. Çünki baxın, öyrədənin maaşı öyrənənin maaşından azdır. Hesab edirəm ki, bu problemi aradan qaldırmaq elə bir mürəkkəb məsələ deyil və çox vəsait də tələb eləmir.
Xaricdə, xüsusən Avropada yerləşən Azərbaycan səfirlikləri ilə bağlı bir məsələyə də toxunmaq istəyirəm. Onlarda belə bir xoşa gəlməyən hal yaranıb. Diplomatların maaşı bu günə qədər dollar hesabınadır və Avropada çalışan həmin insanlar böyük əziyyət çəkirlər. Marja deyilən o fərq Avropada çox böyükdür. Bunların maaşı avroya keçirilsə, bu, çox olur. Bu haqda biz iki il bundan əvvəl Milli Məclisdə danışmışdıq və Maliyyə Nazirliyi tərəfindən söz verilmişdi ki, onların maaşı avro ilə olacaqdır. Xahiş edirəm, bu məsələyə də xüsusi diqqət yetirilsin.
Ümumiyyətlə, mən də hesab edirəm ki, büdcə çox gözəl tərtib edilibdir. Sözsüz ki, ideal büdcə yoxdur, hər bir belə sənədin çatışmazlıqları da olur. Bax, mən gördüyüm, narahat olduğum catışmazlıqlar haqqında danışdım.
Elmə ayrılan vəsaitə gəldikdə, ümumiyyətlə, heç də tərəfdarı deyiləm ki, bu günləri Maliyyə Nazirliyi akademiyaya o qədər pul versin və desin ki, nə istəyirsiniz, eləyin. Pul islahatlar üçün verilməlidir. Yəni Elmlər Akademiyasında islahatlar keçirilməlidir. Bunun ən sadə yolu ondan ibarətdir ki, vəsait istiqamətlərə ayrılmalıdır. Dövlət müəyyən eləməlidir ki, hansı istiqamət önəmlidir və o sahəyə vəsait ayrılmalıdır.
Eyni zamanda, elmə vəsaitlər qrantlarla ayrılmalıdır. Bilirsiniz ki, bütün dünya bu yoldan keçibdir. Gələcəkdə elə olmalıdır ki, o vəsaitin böyük bir hissəsi qrant şəklində verilsin. Əgər bu qrant şəklində verilirsə, o zaman alimlər arasında artıq xoşagələn mübarizə olacaqdır və güclü hökmən qalib gələcəkdir. Bu da çox təbiidir. Bu, bir tərəfdən dövlət üçündür. Yəni dövlət görəcək ki, pul nəyə ayrılır. Beləliklə, elmə görə qrant şəklində ayrılan vəsait gələcəkdə qabarıq formada görünəcəkdir.
Doğrudan da, Azərbaycanda iqtisadiyyatın dinamik sürətlə inkişafı göz önündədir. 6 milyard manata yaxın məbləğdə tərtib olunmuş büdcənin 1 milyard manatını müdafiə xərclərimizə ayırırıq. Bu da təbiidir. Çünki Azərbaycanın 20 faiz torpağı işğal altındadır, 1 milyon qaçqınımız var. Azərbaycan hər zaman öz torpaqlarını geri qaytarmalıdır. Ordu dövlətin gücü deməkdir. Mən də bu büdcəyə səs verəcəyəm. Sonda yenə xahiş edirəm ki, əgər imkan varsa, elmə ayrılan vəsait islahatlarla bir yerdə yenidən nəzərdən keçirilsin. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Asəf müəllim. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Hörmətli dəvət olunmuş nazirlər, komitə sədrləri və qonaqlar! Ulu öndərimiz Heydər Əliyev 1993-cü ildə ikinci dəfə hakimiyyətə qayıdışı ilə özünün zəngin iqtisadi bilik və təcrübəsini bir daha nümayiş etdirdi. Azərbaycanın yeni dövr üçün iqtisadi inkişaf prioritetləri müəyyənləşdirildi, bu sahədə mövcud problemlərin həlli yolları elmi, nəzəri və praktiki əsasda göstərildi, mərkəzi planlaşdırmanın hakim olduğu ictimai-siyasi formasiyadan azad bazar iqtisadiyyatına optimal keçid modeli özünəməxsus uzaqgörənliklə irəli sürüldü.
Bu kursun davamı olaraq hörmətli Prezidentimiz cənab İlham Əliyevin ölkə həyatında apardığı çoxşaxəli islahatlar bütün vətəndaşlarımız tərəfindən böyük rəğbətlə qarşılanıbdır. İnsanlar ölkədəki ictimai-siyasi sabitliyi, tərəqqi və inkişafı yüksək dəyərləndirir, mövcud siyasi kursu səmimi şəkildə dəstəkləyirlər. Prezident İlham Əliyevin uğurlu iqtisadi siyasəti bu gün Azərbaycanı dünyanın iqtisadi cəhətdən ən sürətlə inkişaf edən ölkələrindən birinə çevirmişdir. Hazırda bu yüksək dinamizm statistik rəqəmlərlə yanaşı, insanların gündəlik həyatında, istehlak zənbilində öz əksini tapır.
2006-cı ilin 9 ayının yekunlarına həsr olunmuş müşavirədə hökumət üzvlərinin cənab Prezidentin şəxsində bütün Azərbaycan xalqına verdikləri hesabat, diqqətə çatdırılan faktlar bunun əyani göstəriciləridir. Cari ildə Bakı–Tibilisi–Ceyhan əsas ixrac neft boru kəmərinin tam istismara verilməsi isə, Azərbaycanı daha böyük iqtisadi nailiyyətlərə qovuşduracaq, qüdrətli dövlətə çevirəcəkdir.
Hörmətli millət vəkilləri, növbəti ilin dövlət və icmal büdcə layihələri Milli Məclisin müzakirəsinə vaxtında təqdim edilmişdir. Qeyd etmək istəyirəm ki, növbəti ilin büdcə layihəsi yüksək peşəkarlıqla hazırlanmışdır. Büdcə parametrləri müsbət mənada həm keyfiyyət, həm də kəmiyyət baxımdan keçən ilin büdcə layihəsindən fərqlənir. Bu işdə əməyi olan möhtərəm Prezidentimizə, Baş nazirə, Maliyyə Nazirliyinə, hökumətin digər qurumlarına minnətdarlığımı bildirirəm.
Layihədən göründüyü kimi, növbəti ildə və orta müddətli perspektivdə iqtisadi siyasətin prioritet istiqamətləri neft gəlirlərinin, qeyri-neft sektorunun, o cümlədən sahibkarlığın, regionların inkişafına, yoxsulluğun aradan qaldırılmasına, iqtisadiyyatın neft amilindən asılılığının azaldılmasına yönəldilməsi olacaqdır. Müsbət hal kimi demək lazımdır ki, 2007-ci ildə büdcənin həcminin artması ilə yanaşı onun xərclərinin daha çox proqramlara uyğun olaraq bölüşdürülməsi praktikasına üstünlük verilmişdir. Dünya iqtisadi praktikasında mühüm makroiqtisadi göstəricilərdən biri də xərclərin ümumi daxili məhsuldakı xüsusi çəkisinin artımıdır. Bu artıma nail olmaq üçün hökumət ildən-ilə ciddi addımlar atır.
Statistikaya nəzər yetirsək, görərik ki, son üç ildə xərclərin ümumi daxili məhsulda xüsusi çəkisi 18 faizdən 25,7 faizə qədər yüksələrək 7,7 bənd artmışdır ki, bu da çox ciddi artım deməkdir. Diqqətəlayiq haldır ki, ölkə Prezidenti cənab İlham Əliyevin daim diqqət mərkəzində olan sosial proqramların həlli üçün 2007-ci ilin dövlət büdcəsində xeyli vəsait nəzərdə tutulmuşdur. Həmin xərclərə aid olan sosialyönümlü xərclər cari illə müqayisədə 47 faiz, o cümlədən əməyin ödənişi fondu 62,3 faiz, ərzaq və dərman xərci 27,6 faiz, təqaüdlər və sosial müavinətlər üzrə xərclər 20,7 faiz artacaqdır. 2007-ci il dövlət büdcəsinin tərtibi zamanı təhsil sahəsinə diqqət artırılmış, bu məqsəd üçün icmal büdcədə 776 min manat vəsait nəzərdə tutulmuşdur ki, bu da 2006-cı ilə nisbətən 47,4 faiz və ya 23,2 milyon manat artım deməkdir. Dövlət hesabına təhsil alan aspirantlar, tələbə və şagirdlərin aylıq təqaüdlərinin artırılması üçün əlavə olaraq 1,1 milyon manat vəsait nəzərdə tutulmuşdur. Bu artımlar Azərbaycanda təhsil sahəsində tədrisin müasir səviyyəsinə humanizm, şəxsiyyətin inkişaf istiqamətlərini və həyati dəyərlər sistemini özündə əks etdirən sosial normaları gətirməklə bağlıdır. Bu sahədə ən müasir prinsipləri özündə cəmləşdirən bir təhsil sisteminin qurulması, bu sahənin yeni tələblərə, yeni texnologiyaların tətbiqinə uyğun olaraq daha da inkişaf etdirilməsi, onlarda əlverişli iqtisadi və hüquqi mühitin yaradılması tələb olunur. Bununla yanaşı, demək istəyirəm ki, təhsil sahəsində aşağıdakı prioritet məsələlərə xüsusi diqqət yetirmək lazımdır: 1) təhsil sektorunda mövcud bazanın daha da möhkəmləndirilməsi; 2) tədris metodlarının beynəlxalq standartlar səviyyəsinə çatdırılması; 3) peşə təhsilində bazar iqtisadiyyatının tələblərinə uyğun müvafiq ixtisasların açılması; 4) normativ-hüquqi bazanın yenidən qurulması; 5) təhsil sistemi işçilərinin əməyinin ödənişi sisteminin təkmilləşdirilməsi.
 Büdcə layihəsinə əlavə edilmiş izahatdan məlum olur ki, əvvəlki illərdən fərqli olaraq investisiya xərclərinin strukturu xeyli təkmilləşmişdir.
Büdcə xərclərinin böyük bir hissəsi bir çox infrastrukturların bərpasına və yeniləşdirilməsinə, o cümlədən avtomobil yollarının tikintisinə və yenidən qurulmasına, yeni məktəblərin, xəstəxanaların, idman komplekslərinin tikintisinə, Naxçıvan Muxtar Respublikasında, bir sıra rayon və şəhərlərdə su təchizatı və kanalizasiya, enerji sisteminin yenidən qurulmasına, ölkə ərazisində modul tipli elektrik stansiyalarının tikintisinə və digər zəruri tədbirlərə yönəldiləcəkdir.
Bütün bu müsbət meyllərlə yanaşı, mən bəzi məsələlərin 2008 və sonrakı illərin büdcə layihələrinin tərtibi zamanı da nəzərə alınmasını hökumətin, aidiyyəti orqanların diqqətinə çatdırmaq istəyirəm.
Büdcə gəlirlərinin tərkibində, ilk növbədə, qeyri-neft sektorunun inkişaf etdirilməsi, iri vergi ödəyicilərinin fəaliyyətini artırmaqla onlardan daha çox vergilərin büdcəyə cəlb edilməsi, büdcə proqnozlaşdırılmasında ildən-ilə proqramların maliyyələşdirilməsinə və əsaslı xərclərə üstünlük verilməsi, kommunal sektorda islahatların sürətləndirilməsi və bu sahəyə kompleks yanaşmanın təmin edilməsi şərtləri əsas götürülməlidir.
Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! Mən əminliklə qeyd etmək istəyirəm ki, Milli Məclisin müzakirəsinə təqdim olunmuş 2007-ci il dövlət və icmal büdcə layihələri ölkənin dinamik inkişafına, əhalinin maddi rifah halının yaxşılaşdırılmasına, büdcənin ölkə iqtisadiyyatında tənzimlənməsi rolunun keyfiyyətcə yeni mərhələyə çatdırılmasına zəmin yaradacaqdır. Mən bu layihələrin qəbul edilməsinə səs verəcəyəm və sizləri də yekdilliklə buna çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Sabir Rüstəmxanlı.
S. Rüstəmxanlı. Hörmətli Məclis, hörmətli hökumət üzvləri! Mən də hesab edirəm ki, 2007-ci il dövlət büdcəsinin layihəsi əvvəlki illərə nisbətən xeyli səliqəli hazırlanıb. Bir yandan ölkənin iqtisadi inkişafı imkan verib ki, büdcə əvvəlki illərə nisbətən xeyli artırılsın. Eyni zamanda, büdcənin Milli Məclisə təqdimat mədəniyyəti, sonra təsnifatların dəqiq aparılması, mənə elə gəlir ki, bu mühüm sənədin təqdimat işində irəliyə doğru addımdır.
Yeri gəlmişkən, bir məsələni də bildirirəm ki, bu gün bizə təxminən 14 qanun layihəsi, birinci qanun layihəsinə 13 əlavəni də nəzərə alsaq, təxminən 27 sənəd verilib. Hökumət bu gün başlanan müzakirə ilə bir çox problemlərini, bura əlavə gəlməmək üçün, birdən həll eləmək istəyir. Mən bunu düzgün hesab eləmirəm, düşünürəm ki, büdcə zərfindəki bəzi sənədləri növbəti müzakirələrə saxlamaq olardı. Əksinə, bugünkü müzakirədə biz çox vacib olan başqa məsələləri eşitmək istəyərdik. Məsələn, istərdik hökumət Milli Məclis qarşısında hesabat versin ki, yaxın vaxtlarda idarəetmə sahəsində hansı islahatların aparılacağı gözlənilir. Yaxud monopoliya və inhisara qarşı hansı mübarizə üsulları ilə və necə mübarizə aparacaq? Bunlar, əslində, birbaşa büdcə ilə əlaqəsi olan məsələlərdir və hökumətin Milli Məclis qarşısında ən ciddi hesabatlarındandır. Yerdə qalan qanun layihələrinə əlavə və dəyişiklikləri biz hökumətin iştirakı olmasa da yerinə yetirə bilərdik.
Dünən bizim komissiyamızın iclasında da dedim, son 12 ildə Azərbaycan büdcəsi təxminən 300 milyon ABŞ dollarından 6 milyard ABŞ dollarına gəlib çatıb. Mən keçən dəfə dedim, 300 milyon dollar həcmində olan büdcənin müzakirəsində də iştirak eləmişəm. 20 dəfə artım var. Bu, öz-özlüyündə hamımızı sevindirən bir hadisədir. Amma bu pulun artımı və deyək ki, respublikanın təbii imkanları hesabına gələn artım bizim həyatımızdakı bir sıra neqativ halların üstünə pərdə çəkibdir. O bizə, Milli Məclisə öz opponentlik vəzifəmizi yerinə yetirməkdə mane olmalı deyil.
Burada bəzi millət vəkilləri, xüsusən bizim komissiya sədrləri öz çıxışlarında sanki hökumətin üzvü kimi danışırlar. Mən onları Milli Məclisin üzvü kimi, komissiya sədri kimi danışan görmək istəyərdim. Yəni opponent kimi danışmalıdırlar. Milli Məclisin bu məsələyə tələbkarlığı daha artıq olmalıdır. Son 10-12 ildə büdcədə 20 dəfə artım var. Buna uyğun olaraq əslində həyat səviyyəsi 20 dəfə olmasa da, müəyyən qədər artmalı idi. Amma bu gün bizim millət vəkillərinin çıxışlarından göründüyü kimi, qiymətlərin bahalaşması və ümumiyyətlə, maliyyənin, ola bilsin, müəyyən mənada doğru-düzgün istiqamətləndirilməməsi əhalinin həyat şəraitinin gözlənilən səviyyədə artmasına imkan vermir. Mən bu büdcədə, – Azərbaycanda 8 ya 9 vergi növü var, – təxminən 32 növ verginin adını oxudum. Sonra, burada mülkiyyət gəlirlərinin cəmi 99 min manat olduğunu görəndə heyrətləndim. Çünki Azərbaycanda bu boyda tikinti gedir, bu boyda mülklər tikilir, sahibkarlıq artır, amma bir sıra xarici ölkələrdə büdcə, əsasən, mülkiyyət vergisi üzərində formalaşır. Bizdə, təəssüf ki, bu sahəyə diqqət verilmir. Bunun da özü, elə müəyyən qurumların təsirinin nəticəsidir.
Belə bir təsəvvür yaranır ki, Azərbaycanda pul var, lakin onun xərclənməsinə nəzarət zəifdir və bunun mexanizmlərini biz görmürük. Bakıda, məndən əvvəl deyildi, nə qədər küçələrə, binalara yamaq vurmağa pullar xərclənəcək? Halbuki bunların Azərbaycanda o pulları gözləyən yerləri var.
Kənd təsərrüfatı məhsulları azalır. Mən bu günlərdə Azərbaycanın bu başından o başına keçdim. Əkin sahələri ildən-ilə azalır, heyvandarlıq artır, amma heyvanların ayağının altında Azərbaycanın unikal əkin sahələri məhv olub gedir. Bunun haqqında düşünmək lazımdır. Azərbaycanın kənd təsərrüfatı bizim gələcəyimizdir və neftdən də, başqa sahələrdən də daha etibarlıdır. Torpaqların bərpasına, mənə elə gəlir ki, az vəsait qoyulur.
Yeni istehsalat sahələrinin açılması, xüsusən çox vacibdir. Düzdür, regional bölgələrin inkişafı haqqında proqram xeyli təsir göstərib. Məsələn, mənim deputatı olduğum rayona bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti ikinci dəfə getmişdi. Yolun açılışı oldu, qazın çəkilişi başa çatdı, halbuki 40 ildə bir məktəb tikilməmişdi. Bir ildə 31 məktəb tikilib. Bunlar hamısı müsbət hadisələrdir. Amma bununla yanaşı, Azərbaycanın iqtisadi imkanları şərait yaradır ki, biz təkcə məktəbə, yola yox, həm də istehsalat sahələrinə pul ayıraq və əhalini işlə təmin edək.
Yeri gəlmişkən, mən rayonlarımızla bağlı söhbətimizi davam elətdirib bir məsələyə toxunmaq istəyirəm. Çox təəsüf ki, bizim icra başçılarının bəziləri təxminən bədii özfəliyyət işləri ilə məşğul olanların görüntüsünü yaradırlar. Son vaxtlar büdcədən kifayət qədər maliyyə ayrılır. Biz bunu bilirik. Amma bu maliyyə nə cür sərf olunur? Rayonlarda az qala belə təsəvvür var ki, hansı icra başçısının hansı nazirin adamı olduğunu hər kəs əzbər bilir. Bu icra başçıları rayonlara gedən kimi hərə öz qanunlarını tətbiq eləyir. Rayonda əvvəldən özəlləşmiş yerlər var. O yerləri təzədən icra başçısının xeyrinə, onun adamları üçün özəlləşdirmək lazımdır. Rayonda bir gözəl yer var, deyir, nahaq yerə bunu özəlləşdirmisiniz. Mən olan yerdə, bu, yerli adamın heç birinə çata bilməz. Belə son dərəcə ciddi şeylər var. “Mən” hesab edilən icra başçılarının fəaliyyətinə son dərəcə ciddi diqqət yetirmək lazımdır. Bir rayonda bu yaxınlarda şahid olmuşam, camaat danışır ki, adi çınqıllı dağ çayıdır, icra başçısı orada özünə özəl müəssisə düzəldib, camaata imkan vermirlər ki, gedib o çayın çınqılından gətirsin.
Mənim yadıma “Dədə Qorqud” dastanından bir hadisə düşdü. Bir quru çay var, suyu da yoxdur, çayın üstündə biri körpü qurur, deyir ki, hamınız, bütün karvanlar gərək gəlib bu körpünün üstündən keçsin. Azərbaycanda bir çox rayonlarda icra hakimlərinin iş strukturu belədir. Ümumiyyətlə, istehsalatımız da belədir, monopoliya var, deyir hər şey gərək mənim qapımdan keçsin, məni görüb keçəsiniz. Bu prinsiplərin qarşısı alınmasa, pul nə qədər artır, artsın, ədalət olmayacaq, ədalət pozulacaq.
Məni narahat eləyən məsələlərdən biri Azərbaycanda uşaq pulunun ləğvi məsələsidir. O gün eşitdiniz, Putin ikinci uşağın doğulmasına 250 min rubl pul vəsaitinin ayrılacağını dedi. Azərbaycanda biz xarici ölkələrin təsiri altında uşaqlara verilən yardımı da kəsmişik. Deməli, biz istəyirik azərbaycanlı artmasın. Ailə planlaşması məsələsi nə deməkdir. O deməkdir ki, xalqı öz kökündən, ənənəsindən qoparırlar. Uşaq pulunun əvəzinə ailələrə hansı şəkildə yardım ediləcək? Bu, yoxdursa, hökmən olmalıdır.
Tələbələrin təqaüdü də artırılmalıdır. Azərbaycanda bizim qanunlara görə, hamısına pul alırıq, xahiş edirəm, onlara vəsait ayrılsın, xaricdən gələn əlacsız tələbələrə hökmən yardım eləməliyik. Nəhayət, bu qədər, tənqidimi bir qədər yumşaq elədim.
Sonda bir xahişim ondan ibarətdir ki, bu il biz Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə mənim ssenarim əsasında Azərbaycan tarixinin çox parlaq bir səhifəsi haqqında film çəkilir. Gəncə hadisələri, Cavad xan və sair. Hazırlıq prosesi gedir, böyük işlər görülür. Amma buna 800 min manat pul ayrılıb. Nəzərə alın, bir “Köçərilər” filmi üçün Qazaxıstanda 35 milyon pul ayrılmışdı. Tarixi film üçün bu, gülünc bir rəqəmdir. Hesab edirəm ki, Azərbaycan Prezidenti bu işdən xəbər tutsa, o belə işlərə ciddi yanaşır. Odur ki, mən hökumətdən, Maliyyə Nazirliyindən xahiş edirəm, bunu nəzərə alaraq, filmin çəkilişinə normal pul ayırsın. Onsuz da indi kitab oxuyan yoxdur, qoy tariximizi filmlə göstərə bilək. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Zahid Orucov.
Z. Orucov. Hörmətli cənab Sədr, hörmətli hökumət və Məclis üzvləri! Beynəlxalq aləmdə yeni müstəqillik qazanmış ölkələrin həyatını qiymətləndirərkən bir məqamdan istifadə olunur. Burada həmin məqam barədə artıq fikir səsləndi. O fikrin mahiyyəti ondan ibarətdir ki, dövlətin iqtisadi idarəçilikdə rolunun azaldılması ən mühüm demokratik parametr kimi nəzərə alınır. Verilən məlumatların özü də onu göstərir. Tendensiya ondan ibarətdir ki, gələcəkdə vergi subyektlərinin daha artıq çoxalması və büdcə daxilolmalarında yeni vergi subyektlərinin sıra sayının artması, həqiqətən, dövlətin bu mənada yürütdüyü siyasətin düzgün olduğunu sübut eləyir.
Mən paralel şəkildə cənab Prezidentin fikrini burada səsləndirmək istəyirəm. O qeyd eləyir ki, makroiqtisadi göstəricilər, statistika vətəndaşın real həyatında və onun cibində özünü hiss elətdirməlidir. Bir az ifadəni improvizə elədiyim üçün məni bağışlayın. Yəni əslində bu fikrin sadə izahı ondan ibarətdir ki, bu cür böyük rəqəmlər sıravi vətəndaşın həyatına o qədər də təsir eləmir. Ən önəmlisi, onun real, göz görəsi yürüdülən siyasətinin vətəndaşa çatmasıdır.
Bu mənada büdcə gəlirlərinin artmasına təsir göstərən ən mühüm amil varsa, burada deyilən kimi, inflyasiya kabusudur. Bu kabus özünü bir neçə istiqamətlərdə göstərməkdədir. İqtisadçılar, ümumiyyətlə, inflyasiyada oturan bir neçə parametri vurğulayırlar. Bunlardan birinci, şübhəsiz ki, xarici amildir. Yəni beynəlxalq iqtisadi konyunktur bir sıra məhsullardan, neft, əldə olunan metallar, o cümlədən şəkər və sair kimi məhsulların qiymətlərinin, eyni zamanda Azərbaycan iqtisadiyyatı dünya iqtisadiyyatının tərkib hissəsi olduğuna görə, artması amilini göstərirlər.
Daxildə investisiya xərcləri artır. Xərclər də ümumi istehsal xərclərinin artmasına təsir göstərir və sair. Lakin bu mənada hesablamalar aparanda, görürük ki, inflyasiya heç də birrəqəmli deyil. Niyə mən bu qənaətə gəlirəm? Çünki statistikaya daxil olan, ərzaq səbəti kimi formalaşan 585 adda mal və məhsullar bir sıra ölkələrdə cəmi 400-dən ibarət olur. Biz bəzən elə məhsulların adını ora daxil eləmişik ki, illərlə onların qiyməti dəyişmir. Məsələn, kompüter texnikası məhsullarıdır, mobil telefondur və sair. Hətta, onların qiymətlərində enmə tendensiyaları özünü göstərir. Bununla belə mənzərə yaranır ki, sanki inflyasiya yoxdur. Yəni sıra sayının genişliyi bir sıra hallarda inflyasiyanın əsil vəziyyətini görməyə imkan vermir.
Büdcə uğurlarını, iqtisadi inkişaf üçün əldə olunan resursları, bu inflyasiya kabusundan can qurtarmaq üçün cənab Prezidentin 2005-ci ildə verdiyi çox ciddi fərmanı, onun müddəalarını bir daha əsas götürmək, ona qayıtmaq, onu yerinə yetirmək lazımdır.
Biz 2006-cı ildə dizel yanacağının qiymətini 2 dəfə, kerosini 1,3 dəfə artırmaq siyasətinə keçdik və bunu o dövrdə belə bir ideologiya ilə əsaslandırırdıq ki, bu, nəqliyyatda bərabər rəqabət imkanları vermiş olacaq. Dizellə nəqliyyat işini, sahibkarlıq fəaliyyətini aparan insanlarla benzinlə işləyənlər arasında bərabər rəqabət olacaq. Azərbaycanın dizel yanacağının xaricə qeyri-qanuni, lap elə qanuni çıxarılması amillərinə təsir edəcək və sair. Amma bu, ona gətirib çıxarır ki, kənd təsərrüfatı sektorunda həmin azalmalar bilavasitə səhv əsaslarla, iqtisadi cəhətdən əsaslandırılmış həmin siyasətlə bağlı olur.
Mən özüm şahidi olmuşam və hər birimiz, o cümlədən nazirlər də Azərbaycanın əyalətlərinə gedirlər, yüzlərlə vətəndaş öz məhsullarını sahələrdə qoydu. Bu il taxıl tədarükündə azalma məhz deyilənlərlə bağlıdır. Vətəndaş real olaraq hesablayırdı ki, bir hektardan əldə edəcəyi taxıl məhsulu, texnikaya və sairə çəkdiyi xərcin mütənasibliyində onun ziyanına başa gəlir. Belə olduqda o, demək olar ki, əlini işdən soyutdu. Biz beləliklə kənd təsərrüfatında çalışan insanı torpaqdan ayırdıq. Öz zamanında Leninin torpaq məsələsinə nə qədər önəm verdiyinə, bəlkə indiki dövrdə ayrı bir münasibət olsun. Amma Lenin, görünür, bolşeviklər hakimiyyətə gələrkən o dövrdə çox uzaqgörən addım atıbmış. Bu mənada hər hansı bir kompensasiya ödəmələri aparmadan, kənd təsərrüfatı sektorunda çalışanları buna hazırlamadan bir günün içərisində belə bir addım atmaqla, bu il Azərbaycanın ümumi taxıl ehtiyacı 3,5 milyon ton olduğu halda, ondan da az taxıl tədarük eləyəcək. Beləliklə, Azərbaycana gətiriləcək taxıl bir az da artmış olacaq və bu, ölkədə taxıl məhsullarının qiymətinin artmasına təsir edəcək.
Biz ipoteka haqqında cənab Prezident tərəfindən çox mühüm bir addımın atılmasının şahidi olduq. Bu, ölkədə mənzil şəraiti çətin olan insanların vəziyyətinin yaxşılaşdırılmasına xidmət edəcək bir addım idi. Amma biz özümüz parlament olaraq, o cümlədən hökumətin müvafiq strukturu olaraq çox sərt mexanizmləri müəyyənləşdirdik. Nəticədə bu il ən azı min nəfərin həmin ipoteka kreditini almasına imkan verməli olduğumuz halda, sərt qaydalar cəmi 130 nəfərin belə hüquqdan istifadə etməsinə imkan verdi. Mən başa düşə bilmirəm, biz beynəlxalq təcrübəni buna qədər öyrənmişdik. Ən ideal, ən xoşməramlı qanunlar bizdə bir az pis işləyir və biz bunun üzərində işləyən düzəlişlər və yumşaltmalar aparmağa məcbur oluruq.
Cənab Sədr, hər bir Azərbaycan vətəndaşının arzusu, təbii ki, orduya çəkilən xərclərin artmasıdır. Hərbi xərclərin artması, nə qədər ki müharibə və işğal reallığı var, bu belə də olacaq. Amma bu maliyyə vəsaitləri real hərbi gücə çevrilməlidir. Bundan ötrü də nə istənilir? Hərbi qulluqçu əgər hərbi xidmət dövründə həlak olursa, dövlət onun dəfn xərcinə cəmi 150 min manat vəsait ödəyir. Amma qanunvericilikdə bütün xərclərin dövlət üzərində olduğunu qeyd edirik. Bu, utancaqlıq gətirən hadisədir və ordu quruculuğuna pis təsir eləyir.
Zabit və gizirlərə “əşya əmlakı borcu” deyilən borc artıq uzun illərdir bir yerdə qalaqlanıb qalmaqdadır. Azərbaycanda dövlətin müvafiq strukturunun çoxlu zabit və gizirlərə borclu qalması faktı var. Biz döyüş bölgələrində 1998-2005-ci illərdə xidmət eləyən hərbi qulluqçuların maaşlarını 3 dəfə hesablama ilə ödəyəcəyimizi vəd etdiyimiz halda, bunu iki dəfəlik şkala ilə ödəmişik.
Orduda yeməklərin milliləşdirilməsi məsələsi də ciddi şəkildə qoyulur. Nəyə görə biz Azərbaycanın bu cür məhsullarının öz daxili təyinatı üzrə istifadə imkanları olduğu halda onu xaricdən gətirməliyik? Bir sıra hallarda bu, vaxtı keçmiş məhsullar şəklində olur.
Mən, təbii ki, hər bir millət vəkili də burada, eyni zamanda öz bölgəsi ilə bağlı məsələləri qaldırmalıyıq. Qarabağ bölgəsinin, ümumiyyətlə, gücləndirilməsi, əhalinin orada məskunluğunun artırılması üçün bir proqram əsasında ciddi siyasət yürüdülməlidir. Bunu onları təsərrüfata bağlamaqla, suvarma sistemlərini ciddi şəkildə yenidən qurmaqla etmək olar.
Mənim deputat kimi təmsil olunduğum Bərdədə Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə 20-yə yaxın yeni artezianın qurulması üçün dövlət proqramına belə bir müddəanın daxil edilməsinə nail olub. Amma bunlar da ehtiyacı tam ödəmir. O bölgədə Dağlıq Qarabağın işğal olunan hissəsindəki ermənilərin vəziyyəti ilə əlaqədar yayılan informasiyalar insanları quruculuq işlərindən soyudur. Ona görə, hesab edirəm ki, suvarma sistemlərinin, ümumiyyətlə, su ehtiyatlarının yaradılması üçün yeni bir proqrama ehtiyac var.
Mən belə müzakirələrdə Bərdənin, başqa rayonlardan fərqli olaraq, daha çox qaçqın kütləsini götürdüyünü hər dəfə söyləmişəm. Çox istərdim ki, növbəti dövrdə Bərdənin məktəblərində məskunlaşmış məcburi köçkünlərin və qaçqınların yeni şəhərciklərə köçürülməsi siyasəti həyata keçirilsin. Çünki ermənilərin ən güclü zərbələrindən biri o zonada məhz təhsil sisteminə vurulub.
Yeri gəlmişkən, mən deyim ki, Qarabağ zonası hərbi cəhətdən gücləndirilir. Bunu açıq demək lazımdır ki, indi bu bölgədə daxili qoşunların binasından tutmuş, mülki müdafiə qərargahlarına qədər hər şey salınır. Amma bunun elmi cəhətdən də möhkəmləndirilməsinə ehtiyac var. Nəyə görə güclü bir universitet, tutaq ki, Qarabağ universiteti o zonada yaradılmasın?
Cənab Sədr, vaxtım azalır. Tələbə qəbulu ilə bağlı məsələnin parlamentdə dinləmələr səviyyəsində keçirilməsini istəyirəm. Mən bu faktlara indi yer verə bilmirəm, çünki vaxtımız yoxdur. Amma tələbə üçün əsas o demək deyil ki, qəbul şərtləri nə cür olacaq. 500-dən yuxarı bal toplayan yüzlərlə insan bu il ali təhsil müəssisələrindən kənarda qaldı. Hər il yeni eksperimentlər aparılır. Parlamentin səlahiyyətində olan bir məsələ Tələbə Qəbulu üzrə Dövlət komissiyasının hər il yeni bir eksperimentinə çevrilir. Deputatlar tərəfindən qaldırılmış bütün bu məsələlər hamımızı narahat edir.
Sədrlik edən. Çox sağ olun. Mübariz Qurbanlı.
M. Qurbanlı. Cənab Sədr, Azərbaycan Respublikası hökumətinin hörmətli üzvləri, hörmətli millət vəkilləri! 2007-ci il dövlət büdcəsinin layihəsi haqqında burada hökumət üzvləri çıxış etdilər və bu sənədin müsbət məziyyətlərini diqqətimizə çatdırdılar. Ona görə təkrara ehtiyac duymuram.
Qeyd edim ki, bu gün Azərbaycan sosial-iqtisadi inkişafına və digər parametrlərinə görə keyfiyyətcə yeni bir mərhələyə daxil olub və bu mərhələnin də əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub. Bu gün onun qoyduğu siyasət bütün sahələrdə, o cümlədən iqtisadi sahədə də Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz həmin siyasətin nəticəsidir ki, Azərbaycan hazırda MDB məkanında sosial-iqtisadi inkişaf göstəricilərinə görə lider dövlətdir. Həmin siyasətin məntiqi nəticəsidir ki, bu gün Azərbaycan Respublikasının dövlət büdcəsi Cənubi Qafqazda olan iki dövlətin birlikdə götürsək, büdcələrindən artıqdır. Əlbəttə, bütün bunlar sevindiricidir, Azərbaycan xalqının rifahının yaxşılaşdırılması ilə bərabər, onun üzləşdiyi digər problemlərin həllinə də ciddi və əsaslı təsir göstərir. Bu yalnız iqtisadi məsələ deyildir, eyni zamanda siyasi məsələdir. Bu, Ermənistanın təcavüzü ilə yaranmış olan Qarabağ münaqişəsinin həllinə, işğal olunmuş torpaqlarımızın sülh yolu ilə qaytarılmasına təkan verən bir məsələdir.
Büdcə ilə bağlı deputatlar çıxış elədilər. Onlar dönə-dönə dedilər ki, bu qədər artırırıq, nə üçün artırırıq. Mən hesab edirəm ki, bu cür çıxışlara ehtiyac yoxdur. Hərbi büdcəmizin artımının Ermənistanın siyasi dairələrində nə qədər ciddi təşviş yaratdığını bilmək istəyirsinizsə, erməni mətbuatına İnternet vasitəsi ilə diqqət yetirin. Bizim büdcəmizin, xüsusilə hərbi büdcəmizin artımı ilə əlaqədar onların hamiləri tərəfindən də eyni təşviş duyulmaqdadır. Amma bundan çəkinmək lazım deyil. Bu xətt ardıcıl olaraq davam etdirilməlidir, çünki ətrafımızda olan bütün ölkələrdə hərbi xərclər artımını müşahidə etməkdəyik.
Biz parlament olaraq, əlbəttə, hökumətə opponent deyilik, hökumət hakimiyyətin bir budağıdırsa, biz də onun başqa bir budağıyıq və birlikdə Azərbaycanın inkişafına təkan verən işləri həyata keçirməliyik. Dövlət büdcəsindəki müsbət amilləri qeyd etməklə bərabər, onun artırılması, sosial-iqtisadi inkişafın daha sürətlə getməsi üçün təkliflərimizi də verməliyik. Bu təkliflər hökumət tərəfindən diqqətlə izlənilməli və nəzərə alınmalıdır.
Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramı uğurla həyata keçirilir və bunun mühüm əhəmiyyəti vardır. Bu proqram, eyni zamanda yerlərdən, rayonlardan Bakıya axının qarşısını alır. Bu proqramı daha da genişləndirmək, daha da təkmilləşdirmək və nəzərdən keçirərək büdcənin artımına uyğunlaşdırmaq lazımdır. Əks təqdirdə Abşeron yarımadasına rayonlardan çoxlu axının baş verməsi bizim üçün çox pis nəticələrə gətirib çıxara bilər.
Hazırda Bakıda olan qaz və digər problemləri hamımız görməkdəyik. Burada çıxışlarda qeyd olundu ki, Bakıda metro tikintisinə 34 milyon manat ayrılıb. Mən hesab edirəm ki, Bakı şəhərində metro tikintisini daha da sürətləndirmək lazımdır və hökumət bunun üçün xüsusi proqram tərtib eləməlidir. Biz Bakıda dairəvi metro xətti yaratmasaq, şəhədə olan tıxac problemini həll edə bilməyəcəyik. Digər tərəfdən, mən maraqlandım, daha doğrusu, özüm də bəzi hallarda metrodan istifadə edirəm, metroda gediş haqqı 250 manatdır və 11 ildir ki, Bakı şəhərinin vətəndaşları və qonaqları bu qiymətdən istifadə edirlər. 11 il ərzində həm bizim sosial-iqtisadi həyatımızda, həm də dünyada ciddi dəyişikliklər baş verib. Həmin qiyməti indiyə qədər saxlamaq, məncə, düz deyil. Tarif Şurasında buna diqqət yetirilməlidir. Əks təqdirdə biz büdcədən dotasiya vasitəsilə bunu həll eləməliyik. Hamı da bilir ki, dotasiya qaydası ilə büdcənin bölüşdürülməsi doğru yol deyil. Ən yaxşı yol özünü maliyyələşdirmədir və bütün maliyyə məsələlərinin yerlərdə həll edilməsidir.
Yeri gəlmişkən, bir məsələyə də toxunmaq istəyirəm. Bizim rayonlarımızın da böyük əksəriyyəti dotasiya vasitəsi ilə maliyyələşir. Bu, nədən əmələ gəlir? Hesab edirəm ki, vergi siyasətimizi mərkəzləşdirilmiş qaydada həyata keçiririk. Yerli vergilərin toplanılması qaydası tam şəkildə təsbit olunmayıb. Bu, əvvəlki illərdə özünü doğruldurdu, indi isə biz buna yenidən baxmalıyıq.
Rayonlarda yerli istehsal müəssisələri yaradılır, digər müəssisələr fəaliyyət göstərir. Yerlərdə olan müəssisələr rayon büdcəsinə hansısa bir formada vəsait vermir. Bu da ona gətirib çıxarır ki, biz mərkəzləşmiş qaydada vəsaiti bölüşdürürük və bu bölgü zamanı da buna o qədər də əlverişli diferensial yanaşma, tam ədalətli yanaşma olmur. Ona görə də vergi siyasətinə nəzər yetirməliyik.
Mən rüsum siyasəti ilə bağlı bir misal demək istəyirəm. Bakı şəhərində hər gün çoxlu sayda alğı-satqı əməliyyatları keçirilir. Bir otaqlı evi satanla, onun verdiyi rüsumla beş otaqlı evin alğı-satqısının rüsumunu ödəyən arasında heç bir fərq yoxdur. Bakıda gündə çoxsaylı daşınmaz əmlak satışa çıxarılır, müxtəlif alqı-satqı əməliyyatları keçirilir, amma onlardan toplanan rüsum olduqca azdır. Buna mütləq yenidən baxmaq lazımdır. Biz imkan verməli deyilik ki, Azərbaycanda hərcmərclik yaradılsın. İstehsala toplanmış olan vəsaitin istehsala yönəldilməsinə doğru addımlar atılmalıdır və istehsalın genişləndirilməsinə yönələn vəsait üzərindəki vergi dərəcələri aşağı salınmalıdır. Əgər haradasa həmin vəsait bu və ya digər şirkətlər, fiziki və hüquqi şəxslər tərəfindən dibədib tez qazanc gətirən istiqamətlərə yönəldilirsə, burada vergi şərtləri dəyişilməlidir. Elə eləmək lazımdır ki, onlar istehsala yönəldilsin.
Hamımız bilirik, Bakı şəhərində indi çoxsaylı şadlıq evləri, mənzillər tikilir. Daha tez qazanc gətirən yerlərə külli miqdarda vəsait sərf olunur. Sonradan məlum olur ki, tikilən bəzi obyektlər vardır ki, onlar gəlir gətirmək üçün nəzərdə tutulmur, heç onların çoxu işləmir. Digər tərəfdən hesab edirəm ki, büdcə gəlirlərini artırmaq üçün daşınmaz əmlaka və onun üzərində vergi məsələsinə diqqət yetirmək lazımdır. Çünki bütün dünyada ən çox vergi toplanan sahələrdən biri də daşınmaz əmlaklardır. Burada sistem necə olmalıdır?
Bu gün Azərbaycanda insanların imkanları getdikcə artır. Kiminsə 10 sayda mənzili, çox sayda evləri ola bilər. Bu, problem deyil, əksinə, daha yaxşıdır, belə də olmalıdır. Cəmiyyət inkişaf etdikcə, belə də olacaqdır. Amma 10 sayda mənzili olan adi vətəndaşlar kimi vergi verir. Burada bir sistem yaradılmalıdır. Skandinaviya ölkələrində belə sistem tətbiq edirlər. O zaman ki, sənin bir mənzilin var, ona görə aşağı dərəcələr ilə vergi ödəyirsən, getdikcə artır, artıma görə daha çox vergi ödəmək məcburiyyətində qalırsan. Bu sistemi bizdə də qurmaq çox asandır. Bəziləri deyə bilərlər ki, mənzillər başqa-başqa adamların adına ola bilər. Olsun. Bu adamların da hər biri qeydiyyatdadır, onda o ödəməli olacaqdır. Büdcəni artırmaq üçün elə etmək lazımdır ki, xüsusi əllərdə olan vəsait boş yerə istifadə olunmasın. Bu, yeni istehsal sahələrinə və sair yerlərə ödənilsin.
Əlbəttə, bizdə təhsillə bağlı məsələlərə toxunuldu. Mənə elə gəlir ki, Azərbaycan büdcəsi təhsilin ağırlığını öz üzərinə götürməməlidir. Təhsilin bir hissəsi xüsusi əllərə verilməlidir. Xaricilər gəlib burada orta məktəb tikir, vətəndaş ora aya 350 manatdan pul ödəyir. Yəni bunlar ciddi məsələlərdir, eyni zamanda Bakı şəhərində kitabxana, kitab evləri və sair yaradılsın və mədəniyyət, sosial obyektlərin də tikintisinə diqqət yetirilsin. Büdcəni çox təkmil hesab edirəm və onun qəbuluna mən də səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Sabaha qədər fasilə elan olunur. Sabah iclasımız davam edəcəkdir.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi