2006-ci il 9 noyabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  27

Milli  Məclisin  iclas  salonu.
9  noyabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 110 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Yavər Camalov, Azərbaycan Respublikasının müdafiə sənayesi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Aydın Əliyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Əlixan Məlikov, "Azəriqaz" Səhmdar Cəmiyyətinin sədri.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Ramiz Həsənov, Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Namiq Nəsrullayev, Azərbaycan Respublikası Hesablama Palatasının sədri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Cəfər Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Nizami Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabinetinin İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İlqar Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
Gülməmməd Cavadov, Azərbaycan Respublikası sənaye və energetika nazirinin müavini.
İntiqam Babayev, Azərbaycan Respublikası gənclər və idman nazirinin müavini.
Rahim Lətifov, Azərbaycan Respublikasının fövqəladə hallar nazirinin müavini.
Natiq Əmirov, Azərbaycan Respublikası vergilər nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Elsevər Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
İltimas Məmmədov, Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
Fazil Fərəcov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin departament rəisi.
Şahin Sadıqov, Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin departament rəisi.
Xaqani Abdullayev, Azərbaycan Respublikası Milli Bankının departament rəisi.
Rəşad Qulamov, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində daimi nümayəndəsi.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
2. Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2007-ci il büdcəsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
3. Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının həddi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.
4. Azərbaycan Respublikasının Vergi Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsi haqqında.
5. “Büdcə sistemi haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
6. “Dövlət vergi orqanlarında xidmət haqqında” Əsasnamədə dəyişikliklər edilməsi barədə.
7. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə.
8. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa əlavələr və dəyişikliklər edilməsi barədə.
9. “Mədəniyyət haqqında” Azərbaycan Respublikası Qanununda dəyişiklik edilməsi barədə.
10. “Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə.
11. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
12. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə.
13. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə.
14. “Banklar və digər kredit təşkilatları tərəfindən əhalinin əmanətləri üzrə ödənilən faiz məbləğlərindən, habelə investisiya qiymətli kağızları üzrə dividend və faizlərdən gəlir vergisinin tutulması üzrə güzəştlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədə olma müddətinin uzadılması barədə.
 15. Azərbaycan Respublikası Milli Məclisinin 2007-ci il üçün xərclər smetası haqqında.
16. Azərbaycan Respublikası Hesablama Palatasının 2007-ci il üçün xərclər smetası haqqında.

* * *

Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsi davam etdirilmişdir.
 

Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                   O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

9  noyabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 86
Yetərsay 83

İclasda 90 nəfər millət vəkili iştirak edir. Təzə monitorla qeydiyyat keçirməyə ehtiyac var? Xahiş edirəm, bir də qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.02 dəq.)
İştirak edir 85
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik. Abel müəllim, buyurun.
A. Məhərrəmov. Təkrara yol verildiyinə görə biz, bir qrup deputat iclasdan qabaq məsləhətləşdik ki, çıxışlar beş dəqiqəyə endirilsin. Xahiş edirəm, bunu səsə qoyasınız. Komissiyada da fikirlərimizi demişik, geniş müzakirələr keçirilib. Artıq fikirlər təkrarlanır. Xahiş edirəm, çıxışlar beş dəqiqəyə endirilsin.
F. Zeynalov. Oqtay müəllim, biz də bu təklifə tərəfdarıq. Üçüncü gündür ki, müzakirələr gedir, deputatların əksər hissəsi öz sözünü deməyib. Təkrara yol verilir. Reqlament üçün 10 dəqiqə çoxdur. Çıxış eləyənlərin də arzusu odur ki, öz sözlərini qısaca desinlər. Biz də xahiş edirik ki, reqlamenti 5 dəqiqə eləyəsiniz. Çox sağ olun.
Sədrlik edən. Kim danışmaq istəyir? Pənah bəy, buyurun.
P. Hüseyn. Çox hörmətli Milli Məclis üzvləri, hörməti Sədr! Hər dəfə belə bir vəziyyətin təkrar olunması çox təəssüflüdür. Bilirsiniz ki, Milli Məclisdə müxalifəti təmsil eləyən deputatların bu gün çıxış etmək növbəsi çatır. Siyasi plüralizm bizim Daxili Nizamnamədə və Milli Məclisin fəaliyyətində əsas prinsip kimi təsdiq olunub. Bundan çıxış eləyərək, Nəsib Nəsibli də daxil olmaqla, bizim çıxışlarımızın 10 dəqiqə olmasında təkid edirik. Sonradan istənilən Milli Məclis üzvü 3 dəqiqə, 5 dəqiqə çıxış eləyə bilər.
Sədrlik edən. Pənah bəy, belə çıxır ki, Sizin adınız qəsdən üçüncü günün siyahısına salınıb ki, Sizə çatanda çıxışlara 5 dəqiqə vaxt verilsin. Mənə elə gəlir ki, bu doğru fikir deyil. Üçüncü gündür ki, biz müzakirələr aparırıq. Mən siyahıya baxıram. 31 nəfər çıxış eləyib, amma 49 nəfər millət vəkili də çıxışa yazılıb. Maraqlı haldır ki, 49 nəfərin içərisində artıq 6 nəfər təkrar çıxış eləmək istəyir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, şərt qoymayın. Normal müzakirə gedir, hamımız çıxış etmək işləyirik. 5 dəqiqədə böyük fərq görmürəm. Üçüncü gündür ki, müzakirə gedir, fikirlər təkrarlanır. İkinci cəhət ondan ibarətdir ki, müzakirələrdə bütün fikirləri söyləmək, lazım olan fikirləri tezis şəklində demək olar. Məgər Sizdən qabaq müxalifətçilər çıxış eləməyib, siyasi mövqeyini bildirməyib? Siz niyə hamıdan özünüzü ayırırsınız?
Hörmətli millət vəkilləri, iki təklif oldu. Birinci təklif odur ki, millət vəkillərinin hamısı çıxış eləmək istəyir. Onlar xahiş eləyirlər ki, reqlament 5 dəqiqə olsun. İcazə verirsinizsə, 10 dəqiqə vaxt verək, görsünlər ki, müxalifətdən qorxan yoxdur. Mən sözümün üstündə dururam, iki gündür müzakirə gedir.
Etiraz eləmirsinizsə, səsə qoyaq. Pənah bəyə də 10 dəqiqə vaxt verəcəyəm. Lap istəyir, 15 dəqiqə verək. Kim reqlamentin 5 dəqiqə olmasına tərəfdardırsa, münasibətini bildirsin.

Səsvermənin nəticələri (saat 12.08 dəq.)
Lehinə 86
Əleyhinə 5
Bitərəf  0
Səs vermədi 3
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi. Müzakirələri davam etdiririk. İltizam Əkbərli. Getdi. Elton Məmmədov, buyurun.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli hökumət üzvləri! Öncə qeyd etmək istərdim ki, cənab Prezidentimiz İlham Əliyevin tapşırığına əsasən hökumət ildən-ilə büdcə zərfinin hazırlanması təcrübəsini təkmilləşdirir, ölkənin sosial-iqtisadi inkişafının hüquqi əsasını təmin edən bu maliyyə sənədinin daha mükəmməl və işlək səviyyədə olmasını təmin edir.
Hörmətli Oqtay müəllim, mən burada deyilən təkliflərlə tam razıyam. Belə bir aforizm var ki, az danışmaq işgüzarlığın əsas prinsiplərindəndir. Məncə, reqlament üçün təklif olunan 5 dəqiqə vaxt büdcə müzakirəsinə kifayət edər. Mən çıxışımı suallar əsasında yox, tezislər əsasında qurmaq istəyirəm. Burada səsləndi ki, ölkə başçısı müəyyən deputatlara ögey münasibət bəsləyir. Mən hesab edirəm ki, bu gün ölkə başçımız yüksək dövlətçilik təcrübəsindən çıxış edərək, dövlətin idarə olunmasına, iqtisadiyyatımızın dinamik inkişafı prosesinə xüsusi diqqət göstərir. Bunlar danılmaz həqiqətdir. Artıq üçüncü gündür müzakirə etdiyimiz 2007-ci ilin dövlət büdcəsində bu inkişaf öz əksini tapıb. Maliyyə Nazirliyinin, İqtisadi İnkişaf Nazirliyinin, Vergilər Nazirliyinin, Milli Bankın rəhbərləri büdcə zərfi ilə bağlı ortaya çıxan müəyyən suallara cavab verdilər.
Məncə, dövlət başçısının deputatlara göstərdiyi isti münasibətin, eyni zamanda, çox hörmətli Sədrimizin fədakar əməyinin nəticəsində biz bu gün yüksək zövqlə təmir olunmuş belə bir əzəmətli zalda Milli Məclisin iclaslarını keçiririk. Bu, ölkə başçısının həm siyasi iradəsidir, həm də ali qanunverici orqana verdiyi dəstəkdir. Bütövlükdə hesab edirəm ki, inkişaf edən dövlətimizin qüdrətini bir daha bütün dünyaya nümayiş etdirdik. Çünki ilk iclasda Azərbaycandakı bütün diplomatik nümayəndələr iştirak etdi və Azərbaycanın gündən-günə çiçəklənməsinin, gündən-günə qüdrətlənməsinin canlı şahidi oldular. Ona görə hesab edirəm ki, belə çıxışlar yolverilməzdir.
 Konstitusiyamızın 4-cü maddəsinə görə ölkə başçısı xalqı təmsil etmək hüququna malikdir. Mən hesab edirəm ki, həm regionların sosial-iqtisadi inkişafı, həm də iri layihələrin, xüsusilə Azərbaycanda əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan neft strategiyasının bu gün uğurla həyata keçirilməsi dövlət başçısının fədakar əməyi və yüksək dövlətçilik təcrübəsindən irəli gəlir. Ona görə birinci cilddə göstərilən konsepsiyalar ölkədə gedən bütün prosesləri, bütün sahələri əhatə edir. Hesab edirəm ki, bu konsepsiyalar 2007-ci ildə davamlı inkişaf edəcəkdir və bu inkişaf nəticəsində ölkəmizin ümumi gəlirləri və buna uyğun olaraq, insanların sosial rifahı yaxşılaşacaqdır. Bu da dövlət başçısının siyasətinin prioritet hissəsidir ki, ölkədə gedən bütün inkişaf son nəticədə hər bir ailəyə sirayət etməli, hər bir vətəndaş bundan bəhrələnməlidir. Vaxtın azlığını nəzərə alaraq mən də hesab edirəm ki, büdcə zərfi ölkəmizin bugünkü sürətli inkişaf konsepsiyasına cavab verir və ölkə rəhbərliyinin uğurlu siyasətini tamamlayır. Müzakirədən sonra 2007-ci ilin dövlət büdcəsinin qəbul edilməsinə tərəfdaram.
Sədrlik edən. Çox sağ olun. Üç nəfər millət vəkili çıxışdan imtina etdi. Eldar Quliyev.
E. Quliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Vaxtın azlığını nəzərə alıb, birbaşa əsas məsələyə keçmək istərdim. Müzakirədə hökumət üzvləri iştirak etdiyi üçün bəzi məsələləri nəzərə çatdırmaq istərdim.
Ölkə Prezidenti cənab İlham Əliyev öz çıxışlarında dəfələrlə qeyd etmişdir ki, bizim iqtisadiyyatımız neftdən asılı olmamalıdır, qeyri-neft sektorunun inkişafına diqqət artırılmalıdır. Hesab edirəm ki, bu sektorun prioritet sahələrindən biri də aqrar sahədir. Bildiyiniz kimi, keçmiş sovet dövründə, habelə indiki MDB dövlətləri arasında aqrar sahənin inkişafı xüsusi yer tuturdu. Büdcə layihəsində bu sahəyə 150 milyon manat, o cümlədən kənd təsərrüfatına 137,5 milyon manat ayrılmışdır. Heyvandarlıq, fitosanitariya, toxumçuluq, baytarlıq aqroservisinin inkişafı proqnozlaşdırılır. Bununla yanaşı, son illərdə bəzi sahələrdə geriliyə yol verilməsini sizin nəzərinizə çatdırmaq istəyirəm. Xüsusən taxıl, pambıq, üzüm, tütün, meyvə-tərəvəz və quşçuluq məhsullarının istehsalına laqeyd münasibət bəslənilir. Təəssüflə qeyd etmək istəyirəm ki, torpaqlar kənd əhalisinə paylanandan sonra yararlı sahələrin həcmi ilbəil azalır. Yararlı torpaqlarda şəxsi evlər, şadlıq evləri, parklar tikilir. Halbuki bunları yararsız torpaqlarda da inşa etmək olar. Hesab edirəm ki, bu işə diqqət yetirməklə yanaşı, kənd təsərrüfatının inkişafına əhalinin marağını artırmaq lazımdır. İstehsalçılarla əvvəlcədən müqavilələr bağlanmalıdır. Lazım gəldiyi hallarda onlara maliyyə dəstəyi verilməlidir. Fermerlərin, sahibkarların istehsal etdiyi məhsulların ilkin satış qiymətləri onlarla razılaşdırılmalıdır. Əminəm ki, kənd əhalisinin istehsala marağının artırılması yaxın illərdə ölkəmizin ərzaqla tam təmin edilməsi üçün müəyyən potensial imkanlar yaradır.
Ümumiyyətlə, ölkəmizin ərzaq təminatı üçün hökumətin kompleks proqramı hazırlanmalıdır. Bu proqramda ayrı-ayrı istehsal sahələrinin inkişafı ilə yanaşı, onların satışının təmin olunması da əksini tapmalıdır. Aqrar sahənin inkişafı üçün Sahibkarlara Yardım Fondundan xeyli kredit ayrılmışdır. Lakin ayrılan kreditlərin bəziləri təyinatı üzrə istifadə olunmur. Nəticədə ölkə Prezidentinin qeyd etdiyi kimi, bazarlarda ərzaq mallarının qiymətləri bəzi işbazlar tərəfindən süni surətdə qaldırılır. Əlbəttə, bazar iqtisadiyyatı şəraitində qiymətlərin sərbəst olduğunu nəzərə alırıq. Lakin hər bir qiymət artımı əsaslandırılmalıdır.
Prezident İlham Əliyevin göstərişi və hökumətin tapşırığı ilə cari ildə Bakı şəhərində keçirilən yarmarkalar göstərdi ki, qiymətlərin tənzimlənməsinə təsir göstərmək olar. Kənd əhalisinə qayğını yüksəltmək, yerlərdə məsuliyyəti təmin etməklə minlərlə gəncin Bakıya axınının qarşısını almaq olar. Onlarla istehsal müəssisələri işləmir. Onların avadanlığı köhnədir və bugünkü tələblərə cavab vermir. Müəyyən qədər vəsait ayırmaqla həmin avadanlığı yeniləşdirmək mümkündür. Bu müəssisələri müasir texnologiya ilə təmin etdikdən sonra məhsullarımızı Avropa bazarlarına da çıxara bilərik.
Qarşıdan gələn yay-yaz mövsümündə hökumət yarmarkaların təşkilinə hazırlıq görməlidir. Bu məqsədlə müvafiq işlər görülməli, büdcədən müəyyən vəsait ayrılmalıdır. Hörmətli maliyyə naziri Samir Şərifovun, iqtisadi inkişaf naziri Heydər Babayevin çıxışlarından göründüyü kimi, hökumətin apardığı iqtisadi siyasət əhalinin sosial təminatının yaxşılaşdırılması üçün zəmin yaradır. Lakin minimum istehlak səbəti ilə minimum yaşayış səbəti arasında böyük fərq vardır. Hökumətin proqramına görə bu fərq 2010-cu ildə aradan qaldırılacaqdır. Hesab edirəm ki, bu, uzun müddətdir. Digər tərəfdən, qiymətlərin ilbəil qalxmasını nəzərə alaraq, deputatlar adından müraciət edirik ki, mümkün olsa, bu uyğunsuzluq, yəni yaşayış minimumu ilə yaşayış səbəti arasındakı fərq 2007-2008-ci illərdə tamamilə aradan qaldırılsın. Təməli ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan Bakı-Tbilisi-Ceyhan neft kəmərinin cari ilin may ayında Türkiyə Hökumətinin və bizim hörmətli Prezidentimiz İlham Əliyevin iştirakı ilə açılışı oldu. Həmin layihəni daxildə və xaricdə olan müxalif qüvvələr xəyal adlandırırdılar.
Sədrlik edən. Çox sağ olun. Bir daha xahiş edirəm ki, reqlamentə əməl edəsiniz. Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli deputatlar, hörmətli hökumət üzvləri! Bir çox deputat həmkarlarım uzun müddətdir ki, parlamentdə büdcənin müzakirəsində iştirak edirlər. Oqtay müəllim, Siz də iştirak etmisiniz. Mən birinci dəfə gördüm ki, 31 nəfərə 10 dəqiqə vaxt ayrıldı. Buna qədər hər dəfə büdcə müzakirə olunanda reqlamentin 5 dəqiqə olmasını təsdiq etmişik. İlk dəfə idi ki, 10 dəqiqə vaxt ayrıldı və şərait yaradıldı ki, xeyli adam çıxış etsin, fikirlərini aydınlaşdırsın. Burada müxalifətdən də, iqtidardan da çıxış edənlər oldu və həqiqətən, büdcə ilə bağlı çox konstruktiv, tənqidi fikirlər söylənildi. Mən büdcənin müsbət məziyyətlərindən ona görə danışmaq istəmirəm ki, bir rəqəm hər şeyi ifadə edir. Büdcəmizdə sosial məqsədlərə ötən ilə nisbətən 47 faiz artıq vəsait ayrılır. Bu çox böyük rəqəmdir və sosial müdafiənin bütün sahələrində inkişaf olduğunu göstərir. Başqa bir fikrə qayıtmaq istəyirəm. Bu gün maraqlı bir qanunauyğunluq var ki, insanlar təmin oluna-oluna onların tələbatı artır. Bu gün bizim tələbatımız yüksəkdir və göstərilən rəqəmlərin artırılmasını istəyirik. Bunlar da müəyyən qədər vaxt tələb edir. Eyni zamanda, bu, büdcəmizin imkanları ilə birbaşa bağlıdır.
Siyasətşünaslıq elmində “siyasi psixologiyanın strukturu, funksiyaları” deyilən bir istiqamət var. Burada “siyasi əhvali-ruhiyyə” deyilən bir xətt var. Bu siyasi əhvali-ruhiyyəni biz möhtərəm Prezidentimizin son zamanlar regionlara səfərlərində də görürük. Büdcənin yüksək templə inkişafı göz qabağındadır. Bugünkü müzakirə əvvəlkilərdən onunla fərqlənir ki, biz istəməkdən daha çox büdcənin məsrəfinin səmərəli olması haqqında danışırıq, büdcə xərclərini daha çox müzakirə edirik. Bu, çox sevindirici haldır və yüksək qiymətləndiririk.
Oqtay müəllim, 12 il parlamentdə müzakirələr gedib və mənim stenoqramlarda çıxışlarım var. Mən bura gəlməmişdən qabaq həmin çıxışları götürmüşdüm. Bu çıxışların səmərəliyini öyrənmək istədim. Görək, biz bu çıxışları edəndən sonra Maliyyə Nazirliyi, digər strukturlar nə iş görüblər? Maraqlı şeylər gördüm. Məsələ burasındadır ki, mən üç il dalbadal uşaq pullarının azlığından danışmışdım. Bu hətta parlamentdə hökumət tərəfindən pis qəbul olunmuşdu. Bu gün həmin məsələlər ünvanlı sosial yardımla əvəzlənib. Deməli, bizim sözümüzün nəticəsi olub.
İkincisi, çıxışlarımda qeyd etmişdim ki, məktəblərdə vəziyyət pisdir. Bu gün məktəb tikintisi düzəlib. Mənim yadıma gəlir, çıxış edirdik ki, investisiyadan istifadə etmirlər. O vaxt hökumət deyirdi ki, investisiyaların verilmə mexanizmini tapa bilmirik. Sonradan bu mexanizm tapıldı. Bu gün büdcəmiz sosial yönümlü və investisiya tutumludur. Fikrimi nəyə gətirirəm? Biz əmanətlərin qaytarılmasından çox danışırıq. Mən əminəm ki, bu gün hökumətdə və Maliyyə Nazirliyində elə ağıllı, elə müasir düşüncə tərzinə malik adamlar var ki, çıxış yolunu tapa bilərlər. Burada bəzi deputatlar bir neçə çıxış yolunu göstərdilər. Onun biri də qiymətli kağızlar ideyası idi. Mənə elə gəlir ki, bununla biz ciddi məşğul olsaq, çıxış yolu taparıq. Dünya təcrübəsi var. Mənim əlimdə kitablar var. Mən hesab edirəm ki, bunu biz yoluna qoya bilərik.
Bu gün sosial müdafiədə hamımız üçün narahatlıq doğuran bir məsələni qeyd etmək istəyirəm. Bunun maddi tərəfindən çox mənəvi tərəfi var. Bu da şəhid ailələrinə verilən müavinətlərlə bağlıdır. Gələcəkdə şəhid ailələrinin pensiya təminatında kəskin artım olacaq. Bu, həqiqətən, Prezidentimizin alicənablığıdır. Bununla yanaşı, hesab edirəm ki, şəhid ailələrinə verilən müavinəti artırmaq olar. Bu, mənəvi cəhətdən həmin ailələrə böyük dəstək olar. Başqa bir maraqlı məsələyə toxunmaq istəyirəm. Doğrudur, vergilər artmalıdır, vergi siyasətində sərtləşmə getməlidir. Amma hesab edirəm ki, bir ildə 51 faiz çox kəskin artımdır. Vergilər Nazirliyi bunun öhdəsindən gəlməkdə çətinlik çəkəcək. Bu, orta sahibkarlığa çox böyük ziyan vura bilər. Bu haqda düşünmək lazımdır. Bunun yollarını tapmaq olar. Bunun təsnifatını müəyyənləşdirməliyik. İri tədiyyəçilərdən daha çox pul yığmaq olar. Beləliklə, bu məsələni qaydaya qoymaq olar.
Mən Lənkəranla bağlı bir neçə fikir söyləmək istəyirəm. Lənkəranda bu dəqiqə böyük quruculuq işləri gedir. Amma turizm mərkəzi kimi bura gələcəkdə daha çox maliyyə vəsaiti ayırmağa ehtiyac var. Bütövlükdə mən büdcəni dəstəkləyirəm və hamını buna səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Adil Əliyev.
A. Əliyev. Çox sağ olun. Cənab Sədr, hörmətli iclas iştirakçıları! Fürsətdən istifadə edib 2007-ci ilin büdcəsini hazırlayan hökumət üzvlərinin hamısına öz minnətdarlığımı bildirirəm. 10 il əvvəl biz desəydik ki, 2007-ci ildə Azərbaycan Respublikasının dövlət büdcəsi 6 milyard manat olacaq, heç kim inanmazdı. Bu, fantastik bir göstərici olardı. Ancaq bu bir həqiqətdir ki, artıq bizim büdcəmiz 6 milyard manata bərabərdir.
Hörmətli həmkarlarım müxtəlif sosial kateqoriyalara aid fikirlərini söylədilər. Mən isə hüquq mühafizə orqanlarında çalışan insanlarımızın sosial durumu ilə bağlı bəzi məqamlara toxunmaq istəyirəm. Göründüyü kimi, büdcə layihəsində hüquq mühafizə orqanlarının fəaliyyəti üçün kifayət qədər böyük artım vardır. Əminik ki, bu artımın əhəmiyyətli hissəsi Azərbaycan polisinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, hüquq mühafizə orqanlarında çalışan əməkdaşlarımızın əmək haqlarının artırılmasına yönəldiləcəkdir. İctimai asayişin keşiyində dayanan və təhlükəsizliyimizi qanı bahasına qoruyan Azərbaycan polisi ən yüksək diqqət və qayğıya malikdir.
Məvaciblər artırılarkən hüquq mühafizə sisteminin ayrı-ayrı qolları arasında ədalətlilik prinsipi mütləq qorunmalıdır. Əfsuslar olsun ki, bəzən bunun əksini görürük. Ötən il hüquq mühafizə sisteminin bəzi sahələrində, o cümlədən Dövlət Yol Polisində xidmət edən polis əməkdaşlarının maaşları bir neçə dəfə artırıldı. Bu addım alqışlanmalıdır. Çünki real nəticələri artıq görürük. Polisdə korrupsiya halları azalıb. Artıq polis pul almaq üçün vətəndaşı incitmir. Dövlətin hər ay ona verdiyi yüksək məbləğin müqabilində məsuliyyətini də dərk edir. Amma indi özünüz təsəvvür edin ki, bir neçə il zəhmət çəkib Polis Akademiyasında təhsil alan, uzun illər hüquq mühafizə orqanlarında çalışan yüksək rütbəli polis zabiti, tutaq ki, sahə müvəkkili, yaxud əməliyyat müvəkkili, polis mayoru polis sisteminə yenicə gəlmiş çavuşdan bir neçə dəfə az əmək haqqı alır. Bu harada görünüb ki, 10, 15, 20 il çalışan polis əməkdaşı bir il polis sistemində işləyən çavuşdan bir neçə dəfə az əmək haqqı alsın. Mən istərdim, bu məsələyə bir az aydınlıq gətirilsin və aidiyyəti orqanlar bu məsələyə diqqəti artırsınlar.
Hesab edirəm ki, belə vəziyyət Daxili İşlər Nazirliyinin polis sisteminin ayrı-ayrı sahələri arasında qoyduğu ayrı-seçkiliyin, apardığı yanlış taktikanın nəticəsidir. Polis əməkdaşlarının maaşlarından qanunsuz tutmalar kütləvi xarakter alıb. Polis əməkdaşının əmək haqqı onsuz da gündəlik ehtiyaclarına çatmır. Üstəlik o, məvacibinin bir hissəsini də belə itirir. Bunun ağrısını isə bir sıra hallarda sıravi vətəndaşlarımız çəkir. Düşünürəm ki, mövcud imkanlar daxilində polis sisteminin digər kateqoriyaları üzrə də məvaciblərin əhəmiyyətli şəkildə artırılmasına ciddi ehtiyac vardır.
İstərdim ki, vaxtımızın azlığını nəzərə alıb, qısaca olaraq başqa sahələr barəsində də öz fikrimi söyləyim. Büdcədə hərbi xərclərin kifayət qədər artması, Azərbaycanın hərbi büdcəsinin bütövlükdə işğalçı Ermənistanın dövlət büdcəsinə bərabər olması alqışlanmalı məqamdır. Burada bəzi yoldaşlar öz fikirlərini söylədilər ki, nəyə görə hərbi xərclər bu qədər artırılıb. Yaranmış bu imkandan istifadə edərək, xüsusilə ön cəbhədə xidmət edən hərbçilərimizin məvacibləri bir neçə dəfə artırılmalıdır. Ölkədə ən yüksək məvacibi səngərdə Azərbaycanın ərazi bütövlüyünün keşiyində dayanmış zabitlərimiz almalıdırlar. Deputatların düşmənlə təmas xəttində olan əsgər və zabitlərimizlə mütəmadi görüşünə, onların sosial məişəti ilə yaxından tanış olmasına imkan yaradılmalıdır.
Sonda, hörmətli həmkarlarım sovet dövründən banklarda qalan əmanətlərin qaytarılması ilə bağlı çıxışlar etdilər və alqışlanmalıdır ki, bu, həmkarlarımızın çoxunu narahat edir. Əmanətlərin yaş kateqoriyası üzrə qaytarılması gündəmdə idi. Hətta ötən ilin büdcəsində bu məqsədlə müəyyən qədər vəsait nəzərdə tutulmuşdu. Amma proses nədənsə gecikir. Həmin insanların müəyyən hissəsi artıq dünyalarını dəyişib. Bir qismi hələ də intizardadırlar ki, onların pulları qaytarılacaq. Vətəndaşların ümidləri gözlərində qalmamalıdır. 2008-ci ilin büdcəsində bu məsələyə xüsusi diqqət yetirilməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Asim Mollazadə.
A. Mollazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Bu il Milli Məclisə təqdim olunan büdcə layihəsi onu nümayiş etdirir ki, Azərbaycan dövlətinin qarşısında gələcək illərdə çox ciddi perspektivlər açılır. Azərbaycanın dövlət büdcəsinin dinamik artımı dövlətin imkanlarını artırır. Bu məqamda çox mühüm amil onunla bağlıdır ki, büdcənin səmərəli xərclənməsi dövlətimizin və xalqımızın gələcək imkanlarını artıra bilər. Azərbaycan vətəndaşının təhsilinin, sağlamlığının və sosial müdafiəsinin təminatı onun dünyadakı rəqabətə hazır olmasına xidmət edə bilər. Büdcənin əsas istiqaməti məhz müdafiə və təhsil xərcləri ilə bağlıdır. İlk növbədə müdafiə xərcləri ictimai nəzarət altında olmalıdır. Bu vəsaitin generalların villasına deyil, məhz Azərbaycanın hərbi qüdrətinin artırılmasına sərf olunmasına nəzarət mexanizmi müəyyənləşdirilməlidir. Bu gün Azərbaycanın döyüş bölgələrində olan zabitlərin məvacibi yol polisi serjantının məvacibindən 3-4 dəfə azdırsa, biz bu barədə düşünməliyik. Çünki zabitin və hərbçinin nüfuzunun cəmiyyətdə artması Azərbaycanın milli təhlükəsizliyinin və işğal olunmuş ərazilərin qaytarılmasının təminatı deməkdir.
Hörmətli Hadi müəllim bu gün şəhid ailələrinin müavinətlərinin qaldırılması ilə bağlı məsələni vurğuladı. Azərbaycan cəmiyyətində şəhid ailələrinin qarşısında dövlətin və hər bir Azərbaycan vətəndaşının borcu var. Bu borcu qaytarmalıyıq. Bu borcu şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına hökmən qaytarmalıyıq. Həmin ailədə atasız böyüyən uşaqların təhsili və sağlamlığı ilə bağlı məsələləri müəyyənləşdirməliyik. Onlara müavinətlərin verilməsi, müharibə veteranlarının psixoloji bərpası vacibdir. Psixoloji gərginlik keçirən insanlarla bağlı Azərbaycan dövləti tamamilə başqa münasibətlər qurmalıdır.
Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri hörmətli Kərəm müəllimə müraciət etmək istəyirəm. Əlil və Veteranlar Cəmiyyəti illər boyudur Bakı şəhərində kiçik bir qərargah əldə edə bilmir. Baxmayaraq ki, bu barədə millət vəkillərinin, dövlət qurumlarının müraciətləri olub. Bizim bu insanlara münasibətimiz ilk növbədə ölkədə vətənpərvərlik ruhunu artırmağa xidmət edə bilər. Səngərdə olan əsgər və zabit bilməlidir ki, hər birinin arxasında dövlət və xalq var, onlar şəhid olarsa, ailələrinin qayğısına dövlət və Azərbaycan xalqı qalacaqdır. Düşünürəm ki, bu istiqamətdə ciddi nəzarət olmalıdır.
Dünən mən hörmətli maliyyə nazirimizin səhiyyə ilə bağlı suallara verdiyi cavabdan məmnun oldum. Nəhayət, Azərbaycanın maliyyə naziri əvvəllər olduğu kimi, sovet mühasibat təfəkkürü ilə deyil, müasir idarəetmə üsulları ilə düşünür. Bəli, bu gün Azərbaycanda ən ağrılı sosial və humanitar sahələrdir. Çünki bu istiqamətlərdə zəruri islahatlar həyata keçirilməyib. Biz Azərbaycanda səhiyyənin yüksək səviyyəsinə o zaman nail ola bilərik ki, bu il də əsas xərclər məhz səhiyyənin inkişafına verilsin. Rusiya prezidenti öz ölkəsinin səhiyyə sistemini təhlil edərkən demişdi ki, yeni xəstəxanaların tikilməsi hələ səhiyyə sisteminin inkişafı demək deyil. Onlar da bizim kimi sovet səhiyyə sistemindən çıxıblar. Bu gün səhiyyədə olan qüsurlar hətta təhsildə də özünü biruzə verir. Hörmətli Misir müəllim dəfələrlə bir misal gətirir.
Sədrlik edən. Asim müəllim, belə getsə, bizim reqlament pozulacaq. Xahiş edirəm, təkliflərinizi yazılı surətdə verin. Biz səsə qoyub reqlamentin 5 dəqiqə olmasını qəbul etdik. Qalan təkliflərinizi yazılı şəkildə verin. Nazim Məmmədov.
N. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, xanımlar və cənablar! İlk növbədə, mən Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsini hazırlamış və təqdim etmiş iqtisadi qurumlara öz minnətdarlığımı çatdırıram. Qanun layihəsinin izahat hissəsi ilə bağlı geniş fikirlər söylənildi. Azərbaycan iqtisadiyyatında əsas makroiqtisadi göstəricilərin sabitliyi və dinamik inkişafımızın təmin olunması haqqında millət vəkillərinin söylədikləri fikirləri dəstəkləyirəm. Mən qanun layihəsinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə çağırıram.
Büdcə layihəsində nəzərdə tutulduğu kimi, əksər gəlirlər Vergilər Nazirliyi tərəfindən təmin olunur və bu işdə onlara müvəffəqiyyətlər arzulayıram. Bir məsələyə toxunmağı özümə borc bilirəm. Bir həftə qabaq cənab Prezident qərb bölgəsinə səfər etmişdi. Cənab Prezident mənim seçildiyim Gədəbəy rayonunda olarkən 2007-ci ildə iki layihənin həyata keçirilməsi barədə müvafiq sərəncam vermişdi. Təbii ki, qanun layihəsi bizə cənab Prezidentin qərb bölgəsinə səfərindən əvvəl təqdim olunmuşdu. Ona görə də mən istərdim, Maliyyə Nazirliyi və aidiyyəti qurumlar 2007-ci ildə bunun necə həll olunması üçün müvafiq arayışlar versinlər. Çünki 2005-ci ildə cənab Prezident qərb bölgəsində olarkən Gədəbəy rayonuna 110 minlik elektrik xəttinin çəkilişi haqqında sərəncam vermişdi. “Azərenerji”nin sədri burada iştirak etdiyinə görə sualımı ona ünvanlayıram. Bu günə qədər həmin layihə həyata keçirilmir. Bunun səbəbi nədir?
Sonda, dövlət başçısı ilk dəfə Gədəbəydə olarkən Şəmkir-Gədəbəy yolunun çəkilişi ilə bağlı, həmçinin sərhəd bölgələrinə, o cümlədən Şınıxa qaz çəkilişi ilə əlaqədar müvafiq tapşırıq vermişdi. Bu, Gədəbəyin tarixində böyük hadisə idi. Ola bilər ki, bu cür layihələr ölkə miqyasında çox xırda görünür, ancaq Gədəbəy üçün böyük bir layihədir. Maliyyə Nazirliyinin, “Azəriqaz” Səhmdar Cəmiyyətinin və Nəqliyyat Nazirliyinin diqqətini bir də bu məsələyə ona görə yönəldirəm ki, oradakı insanlar sərhəd bölgəsində yaşadıqlarına görə orada qaz, yanacaq problemi ən mühüm problemdir. Bu problemlərə biganə qalmadığına görə cənab Prezidentə həmin insanların adından dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gültəkin Hacıyeva.
G. Hacıyeva. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım, hörmətli hökumət üzvləri, mən bir çox məsələdən danışmaq istəyirdim. Təəssüf ki, vaxt məhdud olduğu üçün həmin məsələlərin yarısını ixtisara salmalı olacağam. Ancaq büdcə haqqında ümumi olaraq onu demək istəyirəm ki, onun xərc hissəsinin 5,7 milyon manata qalxması artıq büdcə haqqında hər şeyi ifadə edir. Daxili investisiyaların artım tempinin xarici investisiyaların artım tempindən yüksək olması proqnozlaşdırılır. Bu da artıq Azərbaycanda iqtisadi siyasətin düzgün və praqmatik bir siyasət olduğunu və düzgün şəkildə həyata keçirildiyini sübut edir. Düşünürəm ki, büdcənin üstün cəhətlərindən bəlkə də saatlarla danışmaq olar. Ancaq vaxt məhduddur. Mən istərdim, tezis şəklində bir sıra məqamlara öz münasibətimi bildirim və çox ümid edirəm ki, hörmətli nazirlərimiz də bu sualları cavabsız qoymayacaqlar.
İlk öncə millət vəkili olduğum Goranboy-Naftalan bölgəsinin bir neçə aktual problemini burada səsləndirmək istəyirəm. Goranboy Yuxarı Qarabağla sərhəd bölgədə yerləşir. Goranboyun və ətraf bölgələrin su təchizatı Sərsəng su anbarı ilə bağlı idi. Sərsəng su anbarının yerləşdiyi Ağdərə rayonu ermənilər tərəfindən işğal edildikdən sonra su təminatında çox ciddi problemlər yaşanır və bu günə qədər davam edir. Kənd təsərrüfatı üçün xüsusi əhəmiyyət daşıyan, münbit torpağı olan böyük bir bölgənin problemi bu günə qədər də qalır. Düşünürəm ki, Şəmkir kanalının tikintisinə vəsaitin artırılması dövlət büdcəsinə daxil edilməli olan ən zəruri, ən vacib bəndlərdən biridir. Bu, nəinki Goranboyun, hətta ətrafda olan bir neçə rayonun da problemlərinin həllinə gətirib çıxaracaq. Su olmayan yerdə həyat olmur, kənd təsərrüfatı torpaqlarını becərmək olmur və bunun nəticəsində də insanlar öz rifah halını yaxşılaşdıra bilmirlər.
Naftalan respublika tabeliyində olan bir şəhərdir. Mən hörmətli hökumət üzvlərinə müraciət etmək istəyirəm. Doğrudanmı, bu gün dövlət büdcəsi 5,7 milyon manata çatmış Azərbaycan üçün respublika tabeliyində olan bir şəhərdə əhalinin içməli suyu pulla alması, texniki suyun isə gündə bir saat verilməsi məqbul haldır? Bu məsələ ilə bağlı təcili tədbirlər görülməlidir.
Hadi müəllim düz deyir, uzun illərdən bəri Milli Məclisin deputatları, xüsusən qadın millət vəkilləri uşaq pulu adlanan vəsaitin azlığından gileylənirdilər. Bu vəsait artıq ünvanlı sosial yardımla əvəz olundu. Zənnimcə, kənd rayonundan seçilmiş əksər millət vəkilləri mənimlə razılaşarlar ki, biz əksər kəndlərimizdə insanların ünvanlı sosial yardımla bağlı şikayətlərini dinləyirik. Çünki torpağı olan insanlara bu pullar verilmir. Su yoxdursa, elektrik enerjisi yoxdursa, bu torpaqlar becərilmir və yanacağın qiymətinin artması nəticəsində kənd təsərrüfatında müəyyən geriləmələrin şahidi olur. Bütün bunları nəzərə alsaq görərik ki, ünvanlı sosial yardımların əhaliyə çatdırılması üçün daha işlək, daha praqmatik mexanizmlərin qurulması günün aktual məsələsidir. Açığını deyim ki, bu məsələ bölgədə insanların əksəriyyətini narahat edir. Şəxsən mənə bir millət vəkili kimi onlarca müraciət olub və bu məsələ məni çox narahat edir. Üzümü Füzuli Ələkbərova tutub müraciət etmək istəyirəm və düşünürəm ki, doğrudan da, yeni, daha çevik, daha mobil, əhalinin, aztəminatlı ailələrin qayğılarını ödəyə biləcək daha ciddi mexanizmlərin işlənməsinə ehtiyac var.
Bir məsələni keçən il də dövlət büdcəsinin müzakirəsində qaldırmışdım. Təəssüflər olsun ki, bu günə qədər həmin məsələ nəzərə alınmayıb. Bu gün ərazisinin 20 faizi işğal altında olan bir ölkə üçün məqbul hal deyil ki, Qarabağ siyasəti ilə bağlı dərin elmi strateji araşdırmalar aparan mərkəzə malik deyilik. Nə parlamentin, nə Prezidentin İcra Aparatının, nə də Xarici İşlər Nazirliyinin nəzdində belə bir mərkəz var. Məhz ona görə də Qarabağ siyasətinin bütün yükü cənab Prezidentin üzərindədir. Amma mənə elə gəlir ki, biz, millət vəkilləri öz məsuliyyətimizi bu işdə dərk eləməliyik və hörmətli Prezidentimizə yardımçı olmalıyıq. Bu işin təşkil olunması ən vacib məsələlərdən biridir və təbliğat mexanizminin qurulması üçün çox zəruri bir haldır.
Hesab edirəm ki, büdcənin ən böyük nöqsanlarından biri elmə ayrılan xərclərin azlığıdır. Büdcədən bu məqsədlə cəmi 1,65 faiz vəsait ayrılıb. Təbii ki, elm inkişaf etmədən digər sahələrin inkişafından danışmaq olmaz. Digər bir məsələ məhkəmə sistemində islahatların aparılmasına az vəsait ayrılması ilə bağlıdır.
Sədrlik edən. Sağ olun. Eldar İbrahimov.
E. İbrahimov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Doğrudan da, 2007-ci ilin dövlət büdcəsinin dinamikasına diqqət edəndə mən 10 il bundan qabağı fikirləşirəm. Yəni istərdim, 1997-ci illə müqayisə edim. Əgər 1997-ci ildə bizim büdcəmiz 513 milyon manat idisə, artıq 2007-ci ildə 5 milyard 335,7 milyon manat nəzərdə tutulub. Yəni bizim büdcəmiz fazilə yox, dəfələrlə artır. Təkcə keçən illə müqayisədə 1 milyard 500 milyon manat artımın özü iqtisadiyyatımızın səviyyəsini qiymətləndirir. Bununla əlaqədar şərhə ehtiyac yoxdur.
Möhtərəm Prezidentimizin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar aparılan işlər göz qabağındadır. Üç il ərzində, həqiqətən, regionların sosial-iqtisadi vəziyyəti xeyli yaxşılaşıb. Möhtərəm Prezidentimiz özü şəxsən regionlarda olur, bu proqramın həyata keçirilməsi və digər problemlərin həll olunması üçün göstərişlər verir. Möhtərəm Prezidentimiz rayonlarda deputatlardan çox olur. Yəqin ki, səhv etmərəm və hörmətli həmkarlarım da mənimlə razılaşar. İqtisadi artımın güzgüsü büdcədir. Yəni büdcədən görünür ki, doğrudan da, büdcəmiz sosialyönlüdür, investisiya tutumludur. Bu büdcəni biz strateji büdcə adlandıra bilərik.
Təbii ki, mən Naxçıvandan seçilən millət vəkili kimi, Naxçıvana ayrılan büdcə artımı (54,7 faiz) ilə əlaqədar fikirlərimi söyləmək istərdim. Naxçıvanın coğrafi mövqeyi hamıya bəllidir. Dünən məndən qabaq çıxış eləyən hörmətli həmkarım Siyavuş Novruzovun dediyi fikirləri təkrar etmək istəmirəm. Gələcəkdə lazım olsa, hesab edirəm ki, Naxçıvan üçün büdcədən yeni ayırmalar ola bilər. 2007-ci ilin dövlət büdcəsinin gəlir hissəsini yerinə yetirən əsas büdcə ödəyicisi, təbii ki, Vergilər Nazirliyi və Gömrük Komitəsidir. 51,9 faiz artım Vergilər Nazirliyinin, 24,7 faiz Gömrük Komitəsinin payına düşür. Həmişə olduğu kimi, hər iki təşkilat 2007-ci ildə də əsas büdcə ödəyicisi olaraq bu faizlərin öhdəsindən gələcək və lazım olan vəsaitin yerinə yetirilməsini həll edəcəklər.
Bizim komissiyalarımızın iştirakı ilə məsələ müzakirə olunanda kənd təsərrüfatı, meşə təsərrüfatı, balıqçılıq, ovçuluq və ətraf mühitin mühafizəsi ilə əlaqədar artıma öz etirazımı bildirmişdim. Lakin sonra hörmətli nazirimiz Samir Şərifovla bu məsələləri araşdırdıq. Həqiqətən, “Aqrolizinq” Səhmdar Cəmiyyətinə ayrılmış 40 milyon manat bura düşmədiyinə, habelə fitosanitar və baytarlıq xidmətlərində olan artımlar nəzərə alınmadığına görə rəqəm xətası üzündən 11 faiz olmuşdur. Ancaq aydınlaşdırdıq ki, artıq aqrar sahəyə 53,8 faiz artım nəzərdə tutulur. Mən bu artıma və fikirlərimə hörmətlə yanaşdığına görə hörmətli Samir müəllimə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, gələcəkdə aqrar sahə də daxil olmaqla qeyri-neft sektoruna prioritet sahə kimi müəyyən vəsaitlərin ayrılması nəzərdə tutula bilər. Lizinq yolu ilə damazlıq mal-qara alınmasına da vəsait ayrılmalıdır. Misal üçün, Rusiyadan 50 min baş damazlıq mal-qara alınacaqdır. Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan 40-a qədər damazlıq və toxumçuluq təsərrüfatlarının maddi-texniki bazasının möhkəmləndirilməsi və yeni texnologiya ilə təmin edilməsi üçün büdcədən vəsait ayrılmalıdır. Təkliflərimi hörmətli Samir müəllimə, hökumət üzvlərinə təqdim edəcəyəm. Hesab edirəm ki, aqrar sahə prioritet olduğuna görə biz ona diqqəti artırmalıyıq və mən buna əminəm.
Sədrlik edən. Sağ olun. Deputatların çoxu reqlament haqqında danışdılar və reqlamenti özümüz 5 dəqiqə qəbul elədik. Gəlin, bir-birimizə hörmət eləyək ki, hamıya vaxt çatsın. Xahiş edirəm, çıxışınızı 5 dəqiqə ərzində yekunlaşdırın. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hörmətli qonaqlar! Mən vaxt azlığına görə, sadəcə, təkliflərimi irəli sürmək istəyirəm. Birinci növbədə cəbhə bölgələrində yerləşən rayonların problemindən danışmaq istəyirəm. Bu rayonlarda elə kəndlər var ki, birbaşa ön cəbhədə yerləşirlər. Həmin kəndlərin sakinləri düşmən əsgərləri ilə üz-üzə gəlirlər, göz-gözə yaşayırlar. Mən belə bir rayondan, Tərtər rayonundan deputat seçilmişəm. Həmin rayonun kəndlərinin məktəblərinə baş çəkmişəm. Şahidi olmuşam ki, burada şagirdlər divarlarında, qapı-pəncərələrində güllə yerləri olan sinif otaqlarında dərs keçirlər. Burada yaşayan əhalinin fədakarlığını hökumət mütləq qiymətləndirməlidir. Onlar nə qədər ağır şəraitdə yaşasalar da, mənəvi və psixoloji basqı altında olsalar da, həmin kəndləri tərk eləmirlər və burada yaşamaqda davam edirlər. Hökumət nümayəndələrindən xahiş edərdim ki, əgər mümkündürsə, büdcədə həmin kəndlərdə yaşayan əhaliyə müəyyən güzəştlər nəzərdə tutulsun. Hesab edirəm ki, bununla həmin insanların həyatındakı çətinlikləri müəyyən dərəcədə kompensasiya etmək olar. Eyni zamanda, bu, ölkəmizin müdafiə qabiliyyətinin gücləndirilməsi demək olar.
Bundan başqa təklif edərdim ki, cəbhə bölgəsində hospitalların yaradılması məsələsinə də büdcədə yer ayrılsın. Çünki cəbhə bölgəsində hospitallarımız yoxdur. Yaralanan əsgəri təcili paytaxta çatdırmaq lazım gəlir və çox vaxt onlar yolda həlak olurlar. Mən hörmətli maliyyə nazirindən xahiş eləyərdim ki, bu məsələlərə aydınlıq gətirsin. Büdcədən bu məqsədlə ayırmalar mümkündürmü?
Hərbçilərdən gəlir vergisi tutulmaması məsələsinə də baxmalıyıq. Çünki bir çox ölkələrə, lap elə qonşu Ermənistan və Gürcüstana nəzərə salsaq, şahidi olarıq ki, orada hərbçilərdən gəlir vergisi tutulmur. Azərbaycan müharibə şəraitində yaşayan bir ölkədir. Bizim torpaqlarımızın 20 faizindən çoxu düşmən tapdağı altındadır. Ona görə də hesab edirəm ki, hökumətin güzəştlərindən bizim hərbçilərimiz yararlanmalıdırlar. Hərbçilər üçün yaşayış evlərinin tikilməsi məsələsi də diqqətdə olmalıdır. Onu da demək istəyirəm ki, cəbhə bölgəsində olan əksər zabitlərimiz aldığı maaşın yarısını kirayə pullarına xərcləməli olurlar. Bu məsələyə də baxılması vacibdir.
Bundan əlavə, diaspor və lobbi fəaliyyəti üçün büdcədən daha çox vəsait ayrılmasını təklif edərdim. Bununla bağlı bir misal çəkmək istəyirəm. Avstriyalı alim Erik Fayqlı Azərbaycanda hamı tanıyır. O bir dəfə belə bir maraqlı fikir söyləmişdir ki, Ermənistanın nefti yoxdur, amma dünyada erməni diasporu qədər varlı ikinci bir diaspor tanımıram. Azərbaycanın nefti var, çox varlı ölkədir, lakin onun diasporu kasıb şəkildə fəaliyyət göstərir, maddi sıxıntılar içində yaşayır. Büdcədə bu məsələyə diqqət yetirilməsi çox vacibdir.
Bundan əlavə, mən Mədəniyyət məsələləri daimi komissiyasının üzvü olduğum üçün mədəniyyət işçilərinin maaşlarının artırılması məsələsinə də diqqət yetirilməsini istəyirəm. Mədəniyyət işçiləri, sənət adamlarının böyük əksəriyyəti çox ağır şəraitdə yaşayırlar. Təklif edərdim ki, onların maaşlarının faizlərlə yox, dəfələrlə artırılması məsələsinə baxılsın. Bu, ilk növbədə mədəniyyət və incəsənət işçilərinə çox böyük stimul vermiş olardı. Biz həmişə “mədəniyyət ən böyük siyasətdir” deyirik. Amma təəssüf ki, çox vaxt mədəniyyət sahəsində konkret iş görmək lazım gələndə, bunu ikinci, üçüncü plana keçiririk. Böyük siyasətə böyük pullar xərclənməlidir. Vaxtım bitir. Bir də bələdiyyələrə ayrılan vəsaitə yenidən baxılmasını təklif edirəm.
Sədrlik edən. Sağ olun, Aynur xanım. Amma o fikirlə razılaşmaq istəmirəm ki, Ermənistan hökuməti büdcəsindən erməni diasporuna pul ayırıb. Əksinə, erməni diasporu Ermənistana pul ayırır. Diaspor Azərbaycana kömək eləməlidir. Azərbaycan təzə ayağa durur. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Təbii ki, 5 dəqiqə ərzində büdcə layihəsinə münasibət bildirmək çox çətin məsələdir. Bu, cəsarət və məharət tələb edir. Amma çalışacağam ki, bu müddət ərzində təkliflərimi verəm. Büdcə haqqında ancaq xoş sözlər demək olar. Təkcə iki faktı xatırlatmaq kifayətdir. Bu gün bizim ümumi daxili məhsulun həcmi 22 milyard 200 milyon manatdır. Dövlət büdcəsinin artımı isə hökumətin və dövlətin birlikdə gördüyü işlərin müsbət nəticəsindən xəbər verir. Bunların da hamısı regionların sosial-iqtisadi inkişafına, yeni məktəblərin tikintisinə, qaçqın və köçkünlərin yeni qəsəbələrə köçürülməsi siyasətinə yönəldiləcəkdir. Bu da bizim cəmiyyətin ən vacib saydığı problemlər sırasındadır. Bununla yanaşı, biz əgər ümumi şəkildə büdcəyə nəzərə salsaq və fikirləri ümumiləşdirsək, aşağıdakıları söyləmək olar. Müdafiə xərclərinin artırılması hamımızın ürəyincə oldu. Sözsüz ki, bu, bizim müdafiə qüdrətimizi artıracaqdır. Eyni zamanda, burada ən ciddi məsələlərdən biri müdafiə məsələlərinə ayrılan vəsaitlərin ünvanlı şəkildə xərclənməsidir. Müəyyən mənimsəmələrə yol verilməməlidir.
Digər məsələlərlə, o cümlədən səhiyyə, təhsil, elmlə bağlı təkliflər kifayət qədər səsləndi. Mən bunları təkrar etmək istəmirəm. Lakin vaxt olsa, bəzi nüanslara yenidən qayıdacağam.
Mənim bir millət vəkili və vətəndaş cəmiyyətinin təmsilçisi kimi, bir neçə təklifim var. Xahiş edirəm, hörmətli maliyyə naziri Samir Şərifov bunlara münasibət bildirsin. Bu da ilk növbədə vətəndaş cəmiyyəti institutlarının bu gün büdcədən tam şəkildə kənarda qalmasıdır. Bu gün vətəndaş cəmiyyəti institutları nəinki 2007-ci ilin büdcəsindən, ümumiyyətlə, 2007-2010-cu ilin büdcə proqnozlarından tam şəkildə kənarda qalıb.
Mən cənab Prezidentin Milli Məclisin payız sessiyasında dediyi bir fikri burada xatırlatmaq istəyirəm. Vətəndaş cəmiyyəti quruculuğu Azərbaycan üçün, dövlət üçün bir şüar deyildir, Azərbaycan dövlətinin inkişafının əsas şərtlərindən biridir. Ona görə də çox yaxşı olardı ki, bu gün vətəndaş cəmiyyəti institutlarının, konkret olaraq, qeyri-hökumət təşkilatlarının fəaliyyəti dövlət tərəfindən maliyyələşdirilsin. Bütün inkişaf etmiş dövlətlərdə, xarici ölkələrdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinin 70-80 faizi dövlət tərəfindən maliyyələşdirilir. Ukraynada, yaxın qonşularımız Rusiyada, Gürcüstanda, adını çəkmək istəmədiyim digər qonşularda bu proses artıq başlayıbdır. Bu da qeyri-hökumət təşkilatlarının, vətəndaş cəmiyyəti qurumlarının xarici donorlardan asılılığını azalda bilər. Bu gün bu asılılıq var və müəyyən mənada milli maraqlarımıza ziyan vurur. Ona görə də çox istərdim ki, cənab maliyyə naziri bununla bağlı öz fikirlərini bildirsin. Çünki biz bu barədə bir dəfə təkliflərimizi vermişik.
Mənim seçildiyim Əli Bayramlı şəhəri sənaye şəhəridir. Orada işsizlik və yoxsulluq problemini həll etmək üçün yeni müəssisələr yaradılmalıdır. Köhnə müəssisələrin rentabelliyini nəzərə alaraq, onlar yenidən bərpa olunmalıdırlar. Ancaq bu gün təəssüflər olsun ki, bu barədə müəyyən problemlər var. Düzdür, Əli Bayramlıda quruculuq işləri gedir. Bunlar nəzərə alınmalıdır. Səhiyyə, təhsil sahəsində xeyli işlər görülür. Ancaq bu gün Əli Bayramlıda 16 müəssisə öz fəaliyyətini qura bilməyib. 20 min işsiz var. Ona görə yaxşı olardı ki, bizim iqtisadi inkişaf nazirimiz bu barədə müəyyən təkliflərlə çıxış etsin. Ümumiyyətlə, dövlət investisiya şirkətlərinin imkanları bu istiqamətə cəlb olunsun.
Əli Bayramlıda su problemini də qeyd etmək istəyirəm. Bu gün təəssüflər olsun ki, Əli Bayramlının əhalisi suyu ekoloji baxımdan çirkli vəziyyətdə qəbul etmək zorundadır. Bu gün kranı açırsan, su əvəzinə bəzən palçıq gəlir. Mən bunu xüsusi qeyd etmək istəyirəm.
Bahalaşma ilə bağlı ciddi fikirlər səsləndi. Mən də qeyd etmək istəyirəm ki, bahalaşma bu gün Azərbaycan hökumətinin qarşısında duran ən vacib problemlərdən biridir. Milli Bankın İdarə Heyətinin sədri qeyd etdi ki, ümumiyyətlə, 8 faizə yaxın inflyasiya qeydə alınıb. Amma beynəlxalq təşkilatlar, xüsusilə Avropa Yenidənqurma Bankı bunun ikirəqəmli olduğunu göstərir və 13 faizə çatdığını qeyd edirlər. Mənə elə gəlir ki, bu məsələyə aydınlıq gətirilməlidir.
Növbəti deyəcəyim məsələ ictimai nəzarətlə bağlıdır. Bu gün təəssüflər olsun ki, büdcəyə müstəqil ictimai nəzarət sıfır dərəcəsindədir. Parlamentin nəzarət funksiyasını həyata keçirən palatanın da gördüyü işlər zəifdir. Onda ictimai nəzarətin hansı vəziyyətdə olduğunu təsəvvür etmək mümkündür. Təbii ki, maliyyə naziri ictimai nəzarət məsələsinə diqqət yetirməlidir.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
Ə. Abdullayev. Cənab Sədr, Fuad Muradov ezamiyyətdə olduğuna görə yerini mənə verdi. Əgər icazə versəniz, mən danışardım. Çox sağ olun.
Hörmətli millət vəkilləri, xanımlar və cənablar, məndən öncə çıxış eləyən həmkarlarımız büdcənin mütərəqqiliyini və əvvəlki illərə nisbətən daha tutumlu olduğunu qeyd elədilər. Sözsüz ki, mən də bu çıxışlara qoşuluram və təqdirəlayiq hesab edirəm. Bunlar cənab Prezidentin apardığı iqtisadi islahatların nəticəsidir. Amma bəzi məsələlər var ki, mən də öz fikrimi bildirmək istəyirəm. 2007-ci ilin dövlət büdcəsi layihəsində dövlət əmlakının və obyektlərinin özəlləşdirilməsindən daxilolmalar bəndinə diqqət yetirmək istəyirəm. Burada 2007-ci il üçün 2 milyon 800 min manat, 2006-ci il üçün isə 2 milyon 400 min manat nəzərdə tutulub. 23 avqust 2006-cı ildə cənab Prezident səhiyyə, idman, mədəniyyət, təhsil müəssisələrinin və bir sıra obyektlərinin özəlləşdirilməsi barədə sərəncam verdi. Burada 100-dən artıq müəssisənin siyahısı vardı. Mən bəzi iqtisadçılarla məsləhətləşdim. Burada elə müəssisələr var ki, 20 milyon Amerika Birləşmiş Ştatları dolları məbləğində qiymətləndirilir. Amma büdcədə 2 milyon 800 min manat göstərilir. Mənə elə gəlir ki, bu, qeyri-real bir rəqəmdir. Burada üç gündür ki, müzakirələr gedir. Mənə elə gəlir ki, ayrılan əlavə vəsaitləri həmin bəndin hesabına ödəmək olar. Xahiş edirəm ki, buna müvafiq dövlət strukturları fikirlərini bildirsinlər.
İkincisi, həmkarlarımın fikirlərinə qoşulub, gənclər siyasəti ilə bağlı ayrılan vəsaitə diqqət yetirmək istəyirəm. Burada dünən hörmətli maliyyə naziri qeyd elədi ki, gənclər siyasətinə ayrılan vəsait yetərlidir. Sözsüz ki, 2005-ci ildə dövlət büdcəsində gənclər siyasətinə ayrılan vəsait 200 min manat həcmində nəzərdə tutulmuşdu. Amma cənab Prezidentin səyi və göstərişi əsasında bu, 1 milyon manatı keçdi. Həmin rəqəm bu il də saxlanıb. Amma nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda yaşı 35-ə qədər olan vətəndaşlarımız əhalinin 65 faizini təşkil edir. Bəs 65 faiz əhaliyə 1,7 milyon vəsaitin ayrılması hansı məntiqə sığır?
Digər məsələ regionlarda gənclər evlərinin formalaşması ilə bağlıdır. Cənab Prezident regionlarda idman qurğularının, idman-olimpiya mərkəzlərinin tikilməsinə xüsusi diqqət göstərir. Amma bütün gənclər idmanla məşğul olmur, olimpiya mərkəzlərinə getmirlər. Burada qeyd olundu, informasiya texnologiyalarının inkişaf etdiyi dövrdə gənclərimiz digər sahələrə meyl göstərirlər. Bu ilin əvvəllərində regionlarda gənclər evlərinin yaradılması ilə bağlı Gənclər və İdman Nazirliyi layihə hazırlayıb. Amma Maliyyə Nazirliyi ilə müvafiq layihə institutu bu məsələni həll etmir. Layihə institutu deyir ki, pulumu versinlər, layihəmi verim, Maliyyə Nazirliyi də deyir ki, mənə layihə göstərilsin, ondan sonra vəsait ayırım.
Həmkarım Azay Quliyev qeyri-hökumət təşkilatları ilə bağlı məsələyə diqqət ayırdı. Mən də qeyd eləmək istəyirəm ki, sivil cəmiyyət quruculuğu prosesində qeyri-hökumət təşkilatlarının büdcədən kənarda qalması anormal vəziyyətdir. 2002- ci ildə Milli Məclis “Gənclər siyasəti haqqında” Qanun qəbul edib. Orada qeyri-hökumət gənclər təşkilatlarının Dövlət büdcəsindən maliyyələşməsi göstərilib. Bu gün respublikamızda fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının 10-15 faizini qeyri-hökumət gənclər təşkilatı təşkil edir. Bir qrup təşkilatlar dövlət büdcəsindən maliyyələşə bilər, amma digərləri maliyyələşə bilməz. Burada da bərabərlik pozulur, müəyyən söz-söhbətlər ortaya çıxır ki, qeyri-hökumət təşkilatları xaricdən maliyyələşir, digər mənbələr hesabına maliyyələşir. Bunun qarşısını almaq üçün yaxşı olardı ki, dövlət büdcəsindən bu məsələyə müəyyən qədər vəsait ayrılsın.
Mən Salyan rayonundan millət vəkili seçilmişəm. Bilirsiniz ki, Salyan rayonunda ildə bir-iki dəfə Kür çayının daşması ilə əlaqədar subasmalar baş verir. Bir neçə ildir ki, dövlət büdcəsindən Nazirlər Kabineti vətəndaşlara milyonlarla manat kompensasiya verir. Birdəfəlik bunun qarşısını almaq üçün ya Kür çayının dərinləşdirilməsi, ya da Kür çayının məcrasının dəyişdirilməsi sahəsində ciddi işlər görülsə, yaxşı olardı. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu istiqamətdə iş aparır. Mənə elə gəlir ki, 2007-ci ilin investisiya proqramına bu məsələni salmaq daha yaxşı olardı.
Sədrlik edən. Sağ olun. Fəttah Heydərov.
F. Heydərov. Çox hörmətli Sədr, hörmətli millət vəkilləri və qonaqlarımız! Bu gün dövlət büdcəsi və eyni zamanda, büdcə vasitəsilə həyata keçirilən tədbirlərin ümumi yekunu haqlı olaraq geniş müzakirə olunur. Hər kəs öz fikrini deyir. Mən fikrimi belə ifadə eləmək istəyirəm ki, Azərbaycanda dövlət quruculuğu sürətlə inkişaf eləyir. Bu, əsaslı surətdə bizim xalqı, Azərbaycanı idarə edə biləcək ən əlverişli dövlət quruluşudur. Hamımız bilirik ki, bunun əsasını ümummilli liderimiz Heydər Əliyev qoymuşdur. Büdcənin sürətli artımı, əhalinin vəziyyətinin gündən-günə yaxşılaşması, problemlərin həlli barədə millət vəkillərinin, burada çıxış edən insanların dedikləri faktlara, görülən işlərə nəzər saldıqca bu gün insanın ürəyindən kövrək bir hiss keçir. Şəxsən mənim ürəyimdən keçir ki, kaş ümummilli liderimiz sağ olaydı və üç il ərzində onun əməllərinin bəhrəsi olan bu inkişafı öz gözləri ilə görəydi. Mənə elə gəlir ki, bu hissə burada iştirak eləyənlərin əksəriyyəti şərik olar.
Mən heç bir rəqəm haqqında danışmayacağam. Səhiyyəyə, mədəniyyətə, təhsilə xeyli vəsait ayrılıb. Bunlar hamısı əhalinin problemlərini həll etmək, dövlətimizi irəli aparmaq üçün bir mexanizmdir. Bu mexanizm uğurla həyata keçirilir.
Müzakirə zamanı ortaya problemlər çıxır, müəyyən məsələlər ön plana çəkilir. Bunların həlli üçün, doğrudan da, vacib fikirlər deyilir. Mən bir fikrin üzərində dayanmaq istəyirəm. Artımla əlaqədar komissiyalarda ortaya bir məsələ çıxmışdı. Məsələn, təhsil sahəsinə 47 faiz vəsait nəzərdə tutulub. Yaxud səhiyyə sahəsinə nəzər salaq. Mən bir müqayisə aparmaq istəyirəm. Burada əmək haqqı ilə artımın nisbəti haqqında bəzi fikirlər səsləndi. Bu zalda əyləşmişik. Bu zalın və ümumiyyətlə, Milli Məclisin binasının bu şəklə salınması üçün sərf olunan vəsaiti deputatlar arasında nağd şəkildə bölsəydilər, hamımız çox razı qalardıq. Bir-iki ilin içərisində də həmin vəsaiti xərcləyərdik, gedərdi. Ancaq bu bina olmazdı. Bu, adi bir kənd məktəbinə də aiddir. Bu gün kənddə məktəb tikintisi daha vacibdir, nəinki orada işləyən müəllimlərin əmək haqqının az və ya çox dərəcədə artım məsələsini ön plana çəkmək. Bu lazımdır, həqiqətən də məktəbin tikintisi həmin müəllimlərin müzakirəsinə verilsə, ön planda onu qoyarlar ki, əvvəlcə məktəbi tikib, sonra əmək haqlarını ora sərf olunan dəyərlə ölçsünlər. Bu misalı ona görə çəkdim ki, biz bəzi məsələlərə başqa prizmadan yanaşırıq.
İndi ölkədə böyük işlər görülür, infrastruktur dəyişilir, yollarımız təmir olunur. Mənim yadıma gəlir, 11 ildir ki, hər dəfə büdcə məsələsi müzakirə olunanda yalnız bir məsələ haqqında - turizmin inkişafı haqqında danışmışam. Artıq bu reallaşıb. Nəyin hesabına reallaşıb? İnfrastrukturun yaxşılaşması və bu sahəyə daha çox vəsaitin qoyulması hesabına.
Mənə elə gəlir ki, büdcəyə bundan sonra da daha çox fikir vermək lazımdır. Azərbaycanı gözəlləşdirmək lazımdır. Turizm o vaxt inkişaf edəcək ki, Azərbaycanı kiməsə göstərə bilək. Azərbaycanın ən gözəl guşələrini, onun ən prioritet sahələrini gələn qonaqlarımıza göstərməliyik. Ona görə də bu sahəyə ayrılan pulları ilbəil artırmaq lazımdır.
Sədrlik edən. Çox sağ olun, Fəttah müəllim. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Büdcə ilə bağlı fikir söyləməzdən əvvəl mən istərdim, bu gün Milli Məclisdə gedən müzakirəyə münasibətimi bildirim. Mən altıncı dəfədir ki, büdcənin müzakirəsində iştirak edirəm. Yalnız keçən il olmamışdım. Bundan əvvəlki müzakirələrdə sanki Milli Məclis iki cəbhəyə bölünürdü. Ayrı-ayrı millətin nümayəndələri kimi çıxış edirdilər. Bir qrup hökuməti müdafiə edirdi, digər bir qrup isə müdafiə etmirdi. Bu gün qarşılıqlı anlaşma şəraitində keçən müzakirə sübut edir ki, Milli Məclis öz səlahiyyətlərinə kifayət qədər hörmətlə yanaşır. Bu özlüyündə Milli Məclis üzvlərinin hörmətini və eyni zamanda, Milli Məclis qarşısında hesabat verən hökumətin məsuliyyətini artırır.
Büdcə haqqında kifayət qədər yaxşı söz söyləmək olar. Onun tutumu, artımı və sair. Təbii ki, heç bir hökumətin rəvan işi ola bilməz. Mənim bu gün dediklərim arzudur. Əgər bu arzum reallıqla üst-üstə düşərsə, çox yaxşı, əgər düşməzsə, qoy stenoqramlarda qalsın. Mən istərdim, hökumətin hesabatında tənqid və özünütənqid olsun. “Hər şey rəvandır” müstəvisində düşünmək olmaz. Əgər bu gün ölkənin Prezidenti bazarlarda inhisar olduğunu deyirsə, hökumət bunun üzərində düşünməli, bazarlarda inhisarın aradan qaldırılması haqqında Milli Məclisə məlumat verməli idi. Bazarlarda inhisarın mövcudluğunun səbəbləri araşdırılmalı idi. Bu da büdcədə öz əksini tapmalı idi. Bu gün güclü inkişaf gedir. Bu bir həqiqətdir. At getməyən yollara asfalt çəkilir, regionlar inkişaf eləyir. Çox böyük sürət var. Bunu bəziləri görmək istəmir. Ancaq bunun müqabilində elə bil yanan tonqalın üzərinə su töküb söndürmək istəyirlər. O nədən ibarətdir? İnflyasiya. Nədir inflyasiyanın mənbəyi? Bütün dövlətin fəaliyyəti ona yönəlir ki, əhalinin maddi rifah halı yüksəlsin. Sənin cibindəki 1000 dollarla 100 dollar arasında fərq yoxdursa, bu, eyni dəyərə malikdirsə, deməli, burada hansısa qara əl var. Bunun səbəblərini Prezidentin özü açıq şəkildə dedi. Bazarlarda inhisarçılıq var. Hər şey bazarlardan başlanır. Mən istərdim, hökumət bu məsələyə münasibətini bildirsin.
İkinci məsələ. Bu gün cənab Prezident maddi dəyərlərin insan kapitalına çevrilməsi məsələsini irəli sürür. Bu, ilk növbədə təhsildə öz əksini tapmalıdır. Doğrudur, təhsilə kifayət qədər pul ayrılıb. Oqtay müəllim, elə məsələlər var ki, onlar təcili həllini tələb edir. Təhsil Azərbaycan xalqının tarixidir, taleyidir, inkişafıdır, bu günüdür, sabahıdır. Vaxtı ilə Trotski Leninə qarşı mübarizə aparanda gəncləri öz tərəfinə çəkmək üçün onları partiyanın barometri adlandırırdı. Mən güman edirəm ki, bu gün Azərbaycan gənclərinə verilən təqaüd Azərbaycanın bugünkü iqtisadi, siyasi, mənəvi durumu ilə mütənasib deyil. Azərbaycanın bunu artırmaq imkanı var. Biri var, imkanı olmayan yerdən umasan; biri də var, imkanı olan yerdən.
Mən hesab edirəm, bu məsələyə Siz öz səlahiyyətləriniz daxilində müdaxilə edə bilərsiniz. Gənclərin ruhunu qaldırmaq üçün əmək haqqının, zəhmət haqqının, halal haqqın nə olduğunu onlara parta arxasında öyrətmək lazımdır. 15 min manat təqaüd, mənə elə gəlir ki, gənclərin ruhunun qırılmasına doğru aparır. Bu gün gənclərimiz çox ruhludur, qeyri-hökumət təşkilatları yaradır, universitetlərdə kifayət qədər siyasi əqidə sahibidirlər. Bunun mənəvi tərəfini maddi tərəfi ilə uyğunlaşdırdıqda tələbələrimizin ruhu daha güclü ola bilər. Ona görə də təhsildə əmək haqqı artırılmalıdır. Cəmiyyətin bütün ağırlığını alimlər, ziyalılar öz üzərində aparır. Bu gün cəmiyyətin ən az məvacib alan zümrəsi məhz təhsil işçiləridir. Bu yaxınlarda əmək haqqı 25 faiz artırılıb. Amma inflyasiya ilə artan əmək haqqı arasındakı qeyri-mütənasiblik, mənə elə gəlir ki, hökuməti düşündürməlidir. Bu məsələdə təhsilə diqqət bir daha artırılmalıdır. Bu gün təhsil hamımızın qəbul etdiyi və hamımızın narahat olduğu məsələdir.
Sədrlik edən. Çox sağ olun, Fəzail müəllim. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu gün müzakirə etdiyimiz büdcə layihəsi və büdcənin artım tempi Azərbaycan iqtisadiyyatının inkişafından, Azərbaycan dövlətinin möhkəmlənməsindən xəbər verən vacib göstəricidir. Azərbaycan iqtisadiyyatının inkişafı, Azərbaycan dövlətinin möhkəmlənməsi Azərbaycan xalqını sevindirdiyi kimi, xalqımızı sevən, dövlətimizin, millətimizin, xalqımızın milli maraqları ilə maraqları üst-üstə düşən xalqları, dövlətləri də sevindirir. Azərbaycan xalqına, Azərbaycan dövlətinə düşmən mövqedə olan dövlətləri isə bu inkişaf məyus edir, kədərləndirir və paxıllıq hissi yaradır. Belə dövlətlər, belə qüvvələr hər vasitə ilə dövlətimizin möhkəmlənməsinə mane olmağa çalışırlar. Çünki bizim düşmənlərimizə qüvvətli, güclü Azərbaycan dövləti sərf etmir.
Mən bir millət vəkili kimi bu gün müzakirə olunan layihəyə çox yüksək yanaşıram. Çox dolğun və gözəl hazırlanmışdır. Biz bilirik ki, bu layihədə əsas məsələ Azərbaycan xalqının firavanlığının yüksəldilməsi, dövlətimizin möhkəmlənməsi, Qarabağ torpaqlarının azad olunması, Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi üçün lazım olan addımların atılmasıdır.
Mən bu layihədə iki vacib məsələyə toxunmaq istərdim. Biz Azərbaycan dövlətinin siyasi kursu olaraq Avro-Atlantik məkana inteqrasiyanı əsas götürmüşük. Azərbaycanın 38 ölkədə səfirliyinin olması və bu il 12 səfirliyinin yaradılması çox gözəl haldır. Burada bəzi məqamları, Azərbaycanın dövlət maraqlarını, milli maraqlarını nəzərə alaraq, İsrail kimi siyasi, hərbi qüdrəti olan bir dövlətdə bu günə qədər Azərbaycanın səfirliyinin yaradılmamasına təəssüf hissi ilə öz münasibətimi bildirirəm. Biz fikirləşirik ki, Azərbaycan lobbisi zəifdir. Dünyada üç lobbi vardır. Həqiqətən də, bunun biri erməni lobbisidir. İkincisi yunan, üçüncüsü isə yəhudi lobbisidir. Maraqlarımız üst-üstə düşdüyü halda biz niyə yəhudi lobbisindən bu günə qədər düzgün istifadə etmirik? Hesab edirəm ki, İsraildə səfirliyimizin açılması çox vacib məsələdir.
İkincisi, bizim GUAM ölkələrinə inteqrasiyamız çox vacib məsələdir. Bizim büdcə layihəsində bu da özünü göstərməli idi.
Üçüncüsü, mən qiymətlərin artırılması tempi haqqında bir neçə kəlmə demək istəyirəm. Bəzi hökumət üzvləri iş adamlarının, fermerlərin süni surətdə artıq qazanc götürmək məqsədi ilə qiymətləri artırdığını iddia etsələr də, mən bunun əksinə olduğunu deyirəm. Hər bir insanın halal zəhmətlə, halal ticarətlə qazandığı qazanc ona ana südü kimi halaldır. Gəlin, bunu bir qayda olaraq bildirək ki, qiymətlərin qalxmasının əsas səbəbləri iqtisadiyyatın inkişafı, həyat səviyyəsinin yüksəlməsi və inhisarçılığın mövcudluğu ilə bağlıdır. Bunu konkret olaraq kiminsə qazanc götürməsinə, əziyyət çəkən fermerlərin qiymətləri qaldırmasına yönəltməməliyik. Deməməliyik ki, onlar artıq qazanc götürürlər.
Hərbi büdcə haqqında da bir neçə kəlmə demək istərdim. Hərbi büdcəmizin çox olması heç kimi təəccübləndirməməlidir. Çünki Ermənistan ərazisində Rusiya hərbi kontingentinin böyük bir hissəsi yerləşir. Bu da Cənubi Qafqazda vəziyyətin daha da gərginləşməsinə səbəb olur. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Milli Məclis Sədrinin müavini Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən həmkarlarımın büdcədə olan müsbət məqamlarla bağlı fikirlərini dəstəkləyirəm və hesab edirəm ki, büdcə ölkəmizin ötən ilki və ondan əvvəlki illərdə qazandığı nailiyyətləri özündə əks etdirməklə yanaşı, görəcəyimiz işlərə qoyduğumuz vəsaitlərin miqdarını, gələcək inkişaf perspektivlərimizi də sübut edir.
Hər şeydən əvvəl təmsil etdiyim Füzuli rayonunun bir neçə problemi ilə bağlı fikrimi söyləmək istərdim. Bundan əvvəl yay aylarında 2006-cı il büdcəsinin dürüstləşdirilməsi zamanı qaldırdığım bir neçə təklifin hökumət tərəfindən nəzərə alınmasını çox yüksək qiymətləndirirəm və onlara təşəkkürümü bildirirəm. Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti Yuxarı Mil kanalı üzərində nasos stansiyalarının quraşdırılması işinə başladığına və qarşıdakı büdcədə də bunun qalan hissəsinin tamamlanmasını nəzərdə tutduqlarına görə təşəkkür edirəm. Füzuli rayonunda bütün dağıdılmış məktəblərin yenidən bərpası və lazım olan kəndlərdə yenilərin tikilməsi təqdirəlayiqdir. Ayın 14-də Misir müəllimlə birlikdə bünövrəsini qoymağa gedəcəyimiz Aşağı Alxanlı kəndində məktəbin tikilməsi ilə Füzuli rayonunda məktəbə olan ehtiyacların tam bitdiyini bəyan edir, bunu təhsilin inkişafına və elmə olan diqqətin Füzuli rayonunda sübutu kimi qiymətləndirirəm. Rabitə Nazirliyinə də başladığı işi sona çatdırmağı və Füzuli rayonu ərazisini tam telefonlaşdırmaq üçün yeni bir ATS binasını qarşıdakı fəaliyyət planına daxil etməyi xahiş edirəm.
Bir neçə məsələ ilə bağlı mən fikrimi bildirmək istəyirəm. Bu başqa çıxışlarda da öz əksini tapır. Müzakirələrdə biz daha çox əldə olan vəsaitlərin, ümumiyyətlə, Azərbaycanın iqtisadi gəlirlərinin ölkənin hərtərəfli inkişafına yönəldilməsi ilə bağlı fikirləri səsləndiririk. Mən belə fikirləşirəm ki, dövlət büdcəsindən maliyyələşən, eləcə də infrastruktur layihələri sahəsində işləyənlər, digər sahələrdə çalışanlar dövlətin əldə etdiyi gəlirlərdən bu və ya digər şəkildə pay ala bilirlər. Amma elə sektor var ki, onlar bilavasitə dövlət büdcəsindən, yaxud bütün Azərbaycan vətəndaşları arasında bölünməli olan gəlirlərdən tam istifadə etmək imkanı əldə etməyiblər. Hesab edirəm ki, bunlar kütləvi informasiya vasitələrdir, siyasi partiyalardır, vətəndaş qurumlarıdır.
Mən burada səslənən fikirlərin tərəfdarıyam ki, üçüncü və dördüncü sektor Azərbaycanda inkişaf etməlidir. Siyasi partiyalar da dövlət hakimiyyətində iştirak etməyə iddialı qurum olaraq dövlətin əldə etdiyi maddi imkanlardan pay almalıdırlar. Amma bütün bunlar onların dövlət büdcəsindən maliyyələşdirilməsi şəklində yox, ayrı-ayrı proqramları maliyyələşdirmək şəklində həyata keçirilməlidir. Mən kütləvi informasiya vasitələrinə bu və ya digər aidiyyəti dövlət qurumuna ayrılan vəsait də nəzərdə tutulmaqla, konkret mövzular, konkret istiqamətlər üzrə layihələrin maliyyələşdirilməsini təklif edərdim. Yəni bunu nəzərdə tutmağı, qeyri-hökumət təşkilatlarının bu və ya digər layihələrinin maliyyələşdirilməsini məqsədəuyğun hesab edirəm. Siyasi partiyaların da dövlətdən maliyyələşdirilməsi haqqında fikirlərimizi səsləndirmişdik. Bu da, təbii ki, “Siyasi partiyalar haqqında” Qanuna və Seçkilər Məcəlləsinə dəyişikliklərdən sonra mümkündür. Düşünürəm ki, qarşıdakı ildə, yəqin ki, biz həmin məsələlərə baxacağıq. Bunu nəzərə alaraq həmin istiqamətdə büdcədə bu və ya digər sahəyə vəsaitin nəzərdə tutulması məqsədəuyğun olardı.
Qonşu Gürcüstandan, İrandan Azərbaycanda təhsil alan tələbələrin bu və ya digər problemlərinin həlli ilə bağlı fikirlərə mən də qoşuluram. Xüsusilə İran azərbaycanlılarının Azərbaycandakı təhsil problemləri məni və bir çox millət vəkillərini narahat edir. Onların bir çoxu yataqxana ilə təminatda, təqaüd məsələlərində problemlərlə üzləşirlər. Bir çoxları Azərbaycana ikinci təhsil ardınca gəlirlər. İkinci təhsili daha çox Azərbaycan dili və ədəbiyyatı üzrə almaq istəyirlər. Bilirsiniz ki, Cənubdakı məktəblərdə Azərbaycan dilinin vəziyyəti nə yerdədir. Mən onların bir neçəsi ilə görüşmüşəm. Onların məqsədləri, arzuları ondan ibarətdir ki, İranda şərait olacağı təqdirdə onların Azərbaycan dili və ədəbiyyatı üzrə hazır mütəxəssisləri olsun. Misir müəllim, mən xahiş edirəm, bu tələbələrin bu gün lisenziyası əlindən alınan institutlardan başqa institutlara köçürülməsi işini nəzarətə götürəsiniz. Artıq konkret bir fakt var, Siz onu həll etmisiniz. Mən onların adından Sizə öz təşəkkürümü bildirirəm. Eləcə də, qonşu Gürcüstandan gələn soydaşlarımızın Azərbaycanın ali məktəblərində problemlərini həll etməyə çox böyük ehtiyac var. Hətta biz özümüz gürcülərin yerinə bizim universitetlərdə gürcü dilinin tədrisini təşkil etməklə bu problemin aradan qaldırılmasında soydaşlarımıza kömək edə bilərik. Ali təhsil aldıqdan sonra onların Gürcüstana qayıtması işini təşkil edə bilərik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənova söz verilir.
Ə. Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Hörmətli cənab Sədr, hörmətli Milli Məclis, hökumət üzvləri, mətbuat nümayəndələri! Burada çıxış edən bəzi deputatlar Ermənistan-Azərbaycan münaqişəsinin ideoloji tərəfinə toxundular. Yəni bu münaqişədən əziyyət çəkən qaçqın və köçkünlərin problemlərinin dünya ictimaiyyətinə çatdırılması vacibdir. Bu həqiqətdir. Belə bir problem var. Hesab edirəm ki, sizin narahatlığınıza əsas var. Baxmayaraq ki, son illər ölkə Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə həm Xarici İşlər Nazirliyi, həm Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi, həm də bizim komitə bu sahədə işlərini kifayət qədər fəallaşdırıblar. Ancaq bu, kifayət deyil.
Bu gün Ermənistan bizim ərazilərin işğalı ilə kifayətlənməyərək Azərbaycana qarşı çox ciddi şəkildə ideoloji müharibə aparır. Burada təkliflər də səsləndi. Mənim də təkliflərim var. Görünür, bu problemi həmin qurumlara tapşırmaqla biz onu həll edə bilməyəcəyik. Bizim torpaqlarımızın azad olunması ilə Ermənistan-Azərbaycan münaqişəsinin ideoloji tərəfi tamamlanmayacaq. Nə qədər ki erməni milləti var, bizə qarşı ideoloji müharibəni aparacaqlar. Ona görə də xüsusi bir qurumun, elmi bir qurumun yaradılması düzgün olardı. Baxmayaraq ki, Milli Elmlər Akademiyasında kifayət qədər qurumlar var, ancaq onların işi bir bu məsələ ilə bağlı deyil, çoxtərəflidir. Əgər bu problem Azərbaycanın ən ağrılı problemidirsə, mən hesab edirəm ki, bu sahə ilə məşğul olan xüsusi bir akademiya yaradılmalıdır ki, o Ermənistan-Azərbaycan münaqişəsinin köklərini, yüzillik tarixini öyrənsin, dünya ictimaiyyətinə çatdırsın, dövlət və hökumət məmurlarını kifayət qədər məlumatlandırsın. Təbii ki, ermənilərdən fərqli olaraq, dünyaya bu münaqişə ilə bağlı düzgün informasiyanı çatdırsın.
Hörmətli deputat Zahid Orucov çıxışında məktəblərdə yaşayan köçkünlərin probleminə toxundu. Belə bir problem var. Bu bizim Dövlət Proqramımızda da nəzərdə tutulub və cənab Prezident hökumətin doqquz aylıq hesabatında da bu məsələ ilə bağlı konkret tapşırıqlar verdi. Bu gün 4700-ə qədər ailə məktəblərdə yaşayır. 6200 ailənin məskunlaşdığı fin qəsəbələri çadır şəhərciklərindən də pis vəziyyətə düşüb. Dövlət Neft Fondundan ayrılan vəsait gələn il həmin problemlərin həllinə yönəldiləcək. Hörmətli deputat Zahid Orucovun seçildiyi Bərdə rayonunda məskunlaşan qaçqınların problemini həll etməyə imkanımız var. Artıq beş gün bundan qabaq 21 ailəni köçürmüşük və bir məktəbi artıq boşaltmışıq. Mən istərdim ki, həm icra hakimiyyəti orqanları, həm də hörmətli deputatlarımız bu işdə bizə kömək etsinlər. Bəzi məktəbləri bu gün boşaltmaq imkanımız var.
Hörmətli deputat Sevindik Hətəmov burada yüksəkliklə əlaqədar müavinətlərin ödəniş məsələsinə toxundu. Bu məsələyə hazırda hökumətdə baxılır. Yəqin ki, müəyyən qərar qəbul olunacaqdır. Deputatlardan biri büdcədən diaspora kömək məsələsinə toxundu. Hesab edirəm ki, cənab Sədr çox düzgün izahat verdi. Ancaq cənab Sədrin cavabının təsdiqi üçün bir faktı nəzərinizə çatdırmaq istəyirəm. Bu il, yəni 2006-cı ildə Amerikada yaşayan bir erməni milyonçusu Ermənistanın büdcəsinə 117 milyon ABŞ dolları vəsait köçürüb. Bayaq cənab Sədrin dediyi kimi, erməni diasporu Ermənistan büdcəsinə yardım edir. Bu həqiqətdir. Fikir verin, bir erməni milyonçusu 117 milyon dollar Ermənistanın büdcəsinə vəsait köçürübdür. Gələn il büdcədə, əsasən, yemək xərclərinin artımı nəzərdə tutulub. Bu, illik büdcənin 52 milyon manatını təşkil edir və həmin vəsaitin hamısı məcburi köçkünlərə plastik kartlar vasitəsi ilə paylanılır.
Mən il ərzində görülən işlərdən danışmayacağam. Hökumət sizin qarşınızda illik hesabat verəndə, görülən işlər barədə mən də çox geniş məlumat verəcəyəm. 2007-ci ildə Neft Fondunun vəsaiti hesabına Saatlı və Sabirabaddakı çadır şəhərciklərindən qaçqınlar köçürüləcəklər. Hörmətli Prezidentimiz dəfələrlə bəyan edib ki, gələn il Azərbaycanda mövcud olan çadır şəhərcikləri ləğv olunacaq. Bu həqiqətdir. Həmin tapşırığı biz mütləq gələn il icra edəcəyik. Saatlı və Sabirabaddakı son üç çadır şəhərciyində məskunlaşan 4179 ailə də köçürüləcək, yeni qəsəbələrlə təmin olunacaqlar. Məktəblərdə və fin qəsəbələrində yaşayanların köçürülməsinə, yeni qəsəbələrin tikilməsinə gələn il başlanması nəzərdə tutulub. Gələn il Neft Fondunun vəsaiti hesabına Xocalıdan olan 500 ailə üçün Goranboyda, Ağcakənddə və Beyləqanda yeni qəsəbələrin salınması nəzərdə tutulub. O cümlədən Goranboy rayonu ərazisində məskunlaşan Kəlbəcər köçkünləri üçün də yeni qəsəbələrin salınması nəzərdə tutulubdur.
Görülmüş tədbirlər nəticəsində məcburi köçkünlər arasında bu gün yoxsulluq həddi 72,5 faizdən 57 faizə enib. Biz gələn il beynəlxalq maliyyə qurumları ilə, o cümlədən Dünya Bankı, İslam İnkişaf Bankı və Asiya İnkişaf Bankı ilə əməkdaşlığı davam etdirəcəyik. Son üç-dörd ayda Azərbaycana bu problemlə məşğul olan dörd beynəlxalq təşkilatın rəhbəri səfər etmişdir. Onlardan ikisinin mətbuat konfransında dedikləri bir fikri burada sizin diqqətinizə çatdırmaq istəyirəm. BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri və BMT-nin Qaçqınlarla İş üzrə Ali Komissarı üç ay bundan öncə Azərbaycana səfər edərkən mətbuat konfransında bildirdilər ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin qaçqın və köçkünlərin sosial problemləri ilə əlaqədar beynəlxalq humanitar təşkilatlarla gördüyü işlər dünyanın bir çox ölkələri üçün nümunədir. Əgər biz bir neçə il əvvəl dünya təcrübəsini öyrənib Azərbaycana tətbiq edirdiksə, bu gün dünyanın bir çox ölkələri Azərbaycan dövlətinin bu sahədə gördüyü işlərdən müsbət təcrübə kimi istifadə edirlər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Vasif Əliyev.
V. Əliyev. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, hökumət üzvləri, hörmətli nazirlər, komitə və şirkət rəhbərləri! Cənab Prezidentimiz İlham Əliyev tərəfindən Milli Məclisə təqdim olunmuş 2007-ci ilin dövlət büdcəsi, həqiqətən, elmi əsaslarla ən yüksək səviyyədə hazırlanmışdır. O, 2005-ci illə müqayisədə çox yüksək göstəricilərə malik bir büdcədir. Mən onu deyə bilərəm ki, seçildiyim Astara rayonu üzrə bizim müraciətimiz nəzərə alınıb. Hörmətli maliyyə naziri Samir müəllim çox sağ olsun. 2006-cı ildə Astara üzrə 6 milyon manat vəsait nəzərdə tutulmuşdusa, bu il həmin rəqəm təxminən 9 milyon manata çatdırılmışdır. Bunu nəzərə aldığınıza görə təşəkkür edirik. Amma 9 milyonun 7 milyon manatı dövlət büdcəsindən ödənilir. Düzdür, 2 milyon manat Astaranın öz payına düşür. Astarada iqtisadiyyatın inkişafına gözəl şərait olduğu halda kənd təsərrüfatı məhsullarını bazarlara çıxarmaq mümkün deyil. Bu baxımdan əhali əziyyət çəkir, işsizlik yaranır. Bizim yolların bərpası çox vacibdir. Düzdür, nəqliyyat naziri cənab Ziya Məmmədov çox sağ olsun, şəhərin mərkəzində müəyyən işlər görülüb. Amma vəsaitin olmaması üzündən bu işlər qısa müddətə də olsa dayandırılıb. Mən çox xahiş edərdim ki, gələn il imkan daxilində bu məsələnin həllində Astara rayonuna yardımçı olsun, köməklik etsin. Mən buna çox ümid bəsləyirəm.
Astaradakı mərkəzi xəstəxananın vəziyyəti barədə bir neçə kəlmə demək istərdim. Səhiyyə naziri cənab Oqtay Şirəliyevlə telefon söhbətimdən belə başa düşdüm ki, əgər vəsait olarsa, xəstəxanaların bərpası və yeni avadanlıqla təchiz olunması mümkündür. Mən səhiyyə nazirindən xahiş edirəm, imkan daxilində bu məsələnin həllində yardımçı olsun, kömək etsin. Özünün inandığı mütəxəssisi göndərsin, yerində araşdırsın, görək, bu xəstəxanalarda vəziyyət necədir? Həqiqətən, çox ağır vəziyyətdədir.
Keçmişdə Astara subtropik məhsullarla nəinki Azərbaycanı, hətta keçmiş SSRİ-nin bəzi şəhərlərini təmin edirdi. Amma bu gün acınacaqlı vəziyyət yaranıb. Kənd təsərrüfatı məhsullarının qiyməti hədsiz dərəcədə aşağıdır. Doğrudur, dövlət başçısı cənab İlham Əliyevin təsdiq etdiyi “Regionların sosial-iqtisadi inkişafına dair” Dövlət Proqramında kənd təsərrüfatının inkişafı üçün müəyyən tədbirlər nəzərdə tutulub. Amma hələ bu günə qədər görməmişəm ki, kənd təsərrüfatı naziri və ya onun hansısa bir nümayəndəsi yerində bu məsələni araşdırsın. Yenə də deyirəm, 9 milyon manat vəsait ayrılıb. Amma elə problemlər var ki, bu problemlərin həlli üçün 9 milyon manat yox, bəlkə də 290, 390 milyon manat vəsait tələb olunur. Düzdür, bu qeyri-mümkündür. Amma heç olmasa, gələn ildən bu məsələlərin tədricən həllinə başlanılsın. Mənim yeganə xahişim budur.
Hörmətli maliyyə naziri də, digər nazirlər də buradadır. Sizdən xahiş edirəm, imkan daxilində investisiya layihələrində vəsaitin ayrılmasına köməklik göstərin. Çünki Astarada elə problemlər var ki, dözülməz dərəcəyə çatıb. Sadə bir misal deyim. Bu günə qədər Astarada mərkəzləşdirilmiş formada nə su təchizatı var, nə kanalizasiya sistemi. Heç olmasa, bu işlərin başlanması üçün müəyyən vəsait ayrılsa, yaxşı olardı. Büdcənin təsdiq olunmasının tərəfdarıyam. Yüksək səviyyədə hazırlanmış büdcədir. Azərbaycanın dinamik inkişafı üçün gözəl şərait yaradılıb. Ona görə də büdcə layihəsinə səs verəcəyəm və deputat həmkarlarımı da səs verməyə çağırıram. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Milli Məclis artıq üç gündür ki, dövlət büdcəsinin geniş müzakirəsini aparır. Ümumilikdə deputat həmkarlarım büdcə haqqında öz dəyərli fikirlərini, təkliflərini irəli sürdülər. Mən hesab edirəm ki, hər şey aydındır. 2007-ci ilin dövlət büdcəsi Azərbaycan Respublikasının inkişafı, Azərbaycan xalqının rifah halının daha da yüksəlməsi yönündə irəliyə doğru atılan çox böyük bir addımdır. Sadəcə, rəqəmlərin artım tablosuna nəzər salmaq kifayətdir.
Mən təkrara yol vermədən və vaxt itkisinin qarşısını almaq üçün təmsilçisi olduğum rayonla bağlı fikirlərimi bildirmək istəyirəm. Əvvəla, bugünkü müzakirənin mövzusundan haşiyə çıxaraq, Zərdab rayonunda son dövrlərdə gedən böyük quruculuq və abadlıq işlərini qeyd edərək demək istəyirəm ki, bəlkə də əvvəllər bu rayonu görməyənlər təəccüblənməzlər. Lakin rayonun, deyək ki, iki-üç il bundan əvvəlki vəziyyətini görənlər rayona dövlət tərəfindən nə qədər qayğı göstərildiyini inkar edə bilməzlər. Əlbəttə, bu çox ürəkaçan bir faktdır və rayon əhalisi görülən işləri çox yüksək qiymətləndirir. Bununla belə, rayonda hələ də yetərincə sosial-iqtisadi problemlər qalmaqdadır. Mən bu problemləri bir-bir sadalamaq istəmirəm. Çünki məndən əvvəl çıxış edən deputat həmkarlarım həm təmsilçisi olduğu rayonun, həm də ölkənin timsalında bu məsələlər haqqında yetərincə danışdılar. Lakin mən əvvəl deyilən fikirlərə istinad edərək, ümumiləşdirmə apararaq, qeyd etmək istəyirəm ki, hazırda kəndlərimizlə şəhərlərimiz arasında kəskin fərq var. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, bu məsələ bizim prioritet fəaliyyət istiqamətlərimizə çevrilməlidir. Əlbəttə, bu fərqin aradan qaldırılması birbaşa ayrılan büdcə vəsaitlərinin həcmindən asılıdır.
Mən fürsətdən istifadə edərək, Zərdab rayonuna ayrılan büdcə vəsaitinin həcmi ilə əlaqədar göstəriciləri diqqətinizə çatdırmaq istəyirəm. Belə ki, 2005-ci ildə Zərdab rayonu üzrə yerli gəlirlər 325 min 200 manat, xərclər isə 2 milyon 911 min 909 manat proqnozlaşdırılmışdır. Bu, ümumilikdə yerli gəlirlərin 0,19 faizini, xərclərinin isə 0,66 faizini təşkil etmişdir. 2006-cı il üçün isə göstəricilər belə olub. Rayon üzrə büdcə gəlirləri 386 min manat, xərcləri isə 4 milyon 50 min manat olub. Dövlət büdcəsində yerli gəlirlərin xüsusi çəkisi müvafiq olaraq 0,16 faiz, xərclərin xüsusi çəkisi isə 0,65 faiz təşkil etmişdir. 2007- ci ilə nəzər salaq. Gəlirlər 680 min manat, xərclər isə 5 milyon 797 min 215 manat proqnozlaşdırılır. Dövlət büdcəsinin yerli gəlirlərə nisbətən xüsusi çəkisi 0,42 faiz, xərclərin xüsusi çəkisi 0,8 faizdir. Göründüyü kimi, 2005-ci illə müqayisədə 2007-ci ilin dövlət büdcəsi layihəsində Zərdab rayonu üzrə yerli gəlirlər 2,1 dəfə, yerli xərclər isə 1,9 dəfə artıq proqnozlaşdırılıb. Əlbəttə, bu çox müsbət addımdır.
Zərdabda infrastruktur müasir tələblərə cavab vermədiyi və sahibkarlığın inkişafına əlverişli şərait olmadığı üçün rayon üzrə yerli xərclər yerli gəlirləri qat-qat üstələyir. Ölkə üzrə aparılan islahatlar fonunda Zərdab rayonu iqtisadi inkişaf səviyyəsinə görə digər rayonlardan hələ də kəskin şəkildə fərqlənir. Bu fərq rayon sakinlərinin həyat səviyyəsinə də mənfi təsir göstərir. Yuxarıda göstərilənləri nəzərə alaraq, 2007-ci ilin dövlət büdcəsinin layihəsində Zərdab rayonu üzrə ayrılması nəzərdə tutulan vəsaitin rayonun real tələbatına əsasən artırılmasını xahiş edirik. Mən çıxışımın sonunda büdcə layihəsinin lehinə səs verəcəyimi bildirmək istəyirəm.
Sədrlik edən. Çox sağ olun. Miri Qənbərov.
M. Qənbərov. Altı il bundan əvvəl 2000-ci ildə parlament seçkiləri ərəfəsində seçicilərlə görüşdə Lerik rayonunun ümumi problemləri ilə bağlı məsələ qaldırıldı. Həmin problemlər ildən-ilə yığılıb qalmış problemlər idi. Bunlar, əsasən, yol və qaz problemi idi. Çünki meşələr tamamilə sıradan çıxmışdı. Bu problemlər çox qısa bir zamanda Prezident cənab İlham Əliyevin xüsusi tapşırığı ilə dövlət büdcəsi hesabına öz həllini tapdı. 56 kilometrlik Lənkəran-Lerik magistral yolu 2005-ci ildə yüksək səviyyədə başa çatdırıldı və həmin il sentyabr ayının 8-də ölkə Prezidenti şəxsən özü onun açılışını etdi. Qeyd etmək lazımdır ki, Lerikin tarixində birinci dəfə ölkə Prezidenti hörmətli İlham Əliyev Lerikə gəldi. Prezidentin bu gəlişi Lerikin tarixində qızıl hərflərlə qeyd edilib. Prezident İlham Əliyev ulu öndərimiz Heydər Əliyevin abidəsi önündə çıxış edərkən Lerik əhalisinə söz verdi ki, qısa bir vaxtda rayona qaz kəməri çəkiləcək və qaz problemi həll olunacaq. Belə də oldu. İlham Əliyev tərəfindən verilən tapşırığı “Azəriqaz” Səhmdar Cəmiyyəti layiqincə yerinə yetirdi. Demək olar ki, onlar gecə-gündüz çalışdılar. 52 kilometrlik qaz kəməri qayaların və sıx meşələrin əhatəsindən keçərək böyük çətinliklə Lerikə çatdırıldı. Beləliklə, oktyabr ayının 23-də səhər saat 10-da cənab İlham Əliyev minlərlə Lerik əhalisinin gurultulu alqışları altında məşəli yandırdı. Demək olar ki, Lerik rayonunda ildə 200-220 min kubmetr odun sərf olunurdu. Buna son qoyuldu. Lerik rayonunun əhalisi adından, şəxsən öz adımdan hörmətli Prezidentimizə uzun ömür, can sağlığı, işində böyük müvəffəqiyyətlər arzulayıram.
 2005-ci il sentyabrın 14-də cənab Prezident cənub bölgəsinə səfər etdikdən sonra bölgənin gələcək inkişafı ilə bağlı bir çox məsələlər həll olundu. Bununla yanaşı, iki problem qalmaqdadır. Bunlar İranla sərhəd keçid məntəqəsinin açılışı və artezian quyularının qazılması ilə bağlıdır. Ümidvaram ki, əlaqədar təşkilatlar bu işlə məşğul olacaqlar. Çünki həmin keçid məntəqəsinin layihəsi on ilə yaxındır ki, Nazirlər Kabinetində hazırdır, öz həllini gözləyir.
Sədrlik edən. Çox sağ olun, Miri müəllim. Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova söz verilir.
M. Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Hörmətli Sədr, mənə söz verdiyinizə görə təşəkkür edirəm. Hörmətli millət vəkilləri, hökumət üzvləri, mətbuat nümayəndələri! Belə bir ümumi fikir söyləməyi vacib hesab edirəm ki, son üç il ərzində dövlətimizin başçısı cənab İlham Əliyevin geniş miqyaslı islahatçı fəaliyyəti, müstəsna təşkilatçılığı, uğurlu daxili və xarici siyasəti nəticəsində Azərbaycan dünyada iqtisadi inkişaf tempinə görə öndə gedən ölkələr sırasına çıxmışdır. Beləliklə, Azərbaycanın dövlət büdcəsi son bir neçə il ərzində dörd dəfədən çox artaraq ən yüksək səviyyəyə çatmışdır. Əlbəttə, büdcənin tərkibində təhsilə ayrılan xərclər də ilbəil artmaqdadır. Bu il dövlət büdcəsindən təhsilə ayrılan vəsait keçən ilə nisbətən 47 faiz artırılmışdır. Ümumiyyətlə, son illər dövlət başçısının təhsilə diqqət və qayğısı çox artmışdır. Təhsil Nazirliyində təhsilin ayrı-ayrı prioritetləri üzrə 16 məqsədli proqram işlənib təsdiq olunmuş və onlar artıq həyata keçirilməkdədir.
Burada hörmətli millət vəkilləri təhsil sahəsində həyata keçirilən tədbirlər və mövcud problemlər haqqında geniş fikir söylədilər. Mən onlara təşəkkür və minnətdarlığımı bildirirəm. Ümumiyyətlə, son illər ölkə ictimaiyyətinin təhsilə marağı artmışdır. Təhsil sahəsində olan problemləri ön plana çəkənlər də, tənqid eləyənlər də, görülmüş işləri deyənlər də var. Mən bir neçə rəqəmi burada hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm. Son üç ildə Azərbaycanda 735 yeni məktəb tikilibdir. Həmin müddət ərzində 785 məktəb əsaslı təmir olunubdur. Burada xüsusi qeyd olunmalı bir məsələ var. 2005-ci ildə təkcə Heydər Əliyev Fondu tərəfindən Azərbaycanda 132 yeni məktəb tikilibdir. Bu il isə 100-dən çox yeni məktəbin tikilməsi planlaşdırılıb. İlin sonuna qədər Heydər Əliyev Fondunun təşəbbüsü ilə 100 yeni məktəbin tikilməsi nəzərdə tutulub. Ümumiyyətlə, 2006-cı ildə 288 yeni məktəb tikilib istifadəyə veriləcəkdir. Şagird yerlərinin sayına görə 2006-cl ildə 2005-ci ildəkinə nisbətən 2 dəfə çox sayda yeni məktəbin tikilməsi nəzərdə tutulub. Dövlət büdcəsində nəzərdə tutulduğuna görə 2007-ci ildə də bu fəaliyyət davam etdiriləcəkdir. Gələn il 300-ə yaxın yeni məktəbin tikilməsi nəzərdə tutulub.
Bir məsələni də hörmətli millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, son illərdə Prezidentimizin birbaşa diqqəti sayəsində ən ciddi addımlardan biri də Azərbaycanın ümumtəhsil məktəbləri üçün yeni dərsliklərin hazırlanmasıdır. Hörmətli Oqtay müəllim, hamınızın diqqətinə çatdırmaq istəyirəm: Azərbaycan MDB məkanında yeganə ölkədir ki, 3 il ərzində I sinifdən XI sinfə qədər bütün şagirdlər dərsliklərlə pulsuz təmin olunurlar. Bu iş gələn il də davam etdiriləcək və biz məktəblərimizi daha keyfiyyətli dərsliklərlə təmin edəcəyik. Məktəblərin avadanlıqlarla təminatı, kompüterlərlə təchizatı sahəsində də çox ciddi iş aparılır. Əlbəttə, deyilənlərdən belə nəticə çıxarmaq olmaz ki, təhsil sahəsində bütün problemlər öz həllini tapıb. Təhsil sahəsində problemlər hələ də qalmaqdadır. Qarşıdan gələn illərin büdcəsində həmin problemlərin həllinə vəsait ayrılması nəzərdə tutulub.
Burada bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Çünki bəzi təkliflərdən və çıxışlardan belə göründü ki, mövcud vəziyyət haqqında millət vəkillərinə və Azərbaycan ictimaiyyətinə bəlkə də yetərincə və vaxtında məlumat çatdıra bilmirik. Mən müəllimlərin əmək haqqı ilə bağlı bir məqamı demək istəyirəm. Əlbəttə, müəllimlərin əmək haqqı bizim istədiyimiz səviyyədə deyil. Ancaq nəzər salsaq görərik ki, 2000-ci ildən bu ilə qədər təhsil işçilərinin əmək haqqı 2,5 dəfə artıb. Bu gün orta əmək haqqı 100 yeni Azərbaycan manatına çatıbdır. Professorların və ali məktəb müəllimlərinin əmək haqqı haqqında bir az dəqiq məlumat vermək istəyirəm. Çünki gördüm ki, doğrudan da, bu haqda dəqiq məlumat yoxdur. Əlbəttə, burada ali məktəblər arasında fərqlər var. Məsələn, Bakı Dövlət Universitetinin professoru bu gün ayda 284 yeni Azərbaycan manatı əmək haqqı alır. Deyək ki, Azərbaycan Dövlət Tibb Universitetinin professoru 236 manat, Azərbaycan Dövlət Dillər Universitetinin professoru 228 manat, Azərbaycan Dövlət İqtisad Universitetinin professoru 263 manat, Azərbaycan Dövlət Pedaqoji Universitetinin professoru 210 manat alır və s. Yəni həmin institutların xüsusi vəsaitləri hesabına müəllimlər müəyyən qədər əmək haqqı alır. Əlbəttə, bu, qənaətbəxş olmasa da, hər halda müəllimlərin əmək haqqı ilbəil artır və artmaqdadır. Mənə elə gəlir ki, il yarım, iki il ərzində Azərbaycan müəlliminin əmək haqqı bizim istədiyimiz səviyyəyə yaxın olacaqdır.
Hörmətli Sədr, bizi, təhsil işçilərini, şəxsən məni və Sizi düşündürən ən ciddi məsələ ondan ibarətdir ki, maaşımız yetərincə olandan, məktəblərimiz və təhsil müəssisələrimiz maddi texniki baza ilə təchiz olunandan sonra biz Azərbaycan cəmiyyətinə, Azərbaycan xalqına istənilən keyfiyyətdə təhsil verə biləcəyikmi? Mənə elə gəlir ki, bu məsələ bizi daha çox düşündürməlidir və düşündürür. Bu baxımdan biz təhsilin bütün pillələrində islahatlar aparmaq niyyətindəyik və aparırıq. Həm orta təhsildə, həm ali təhsildə, həm peşə təhsilində, həm də orta ixtisas təhsilində islahatlar gedir. Həmin islahatları biz daha ciddi şəkildə aparmaq niyyətindəyik.
Burada bir məqamı da diqqətinizə çatdırmaq istəyirəm. Bəzi adamlar belə düşünür ki, təhsilin bütün problemlərini yalnız təhsil işçiləri həll eləməlidirlər. Bu, qətiyyən belə deyil. Mən məsuliyyət hissi ilə deyirəm ki, təhsil elə bir geniş sahədir ki, onun problemlərini hamı, bütün ictimaiyyət bir araya gəlib həll eləməlidir. Əlbəttə, əsas məsuliyyət təhsil işçilərinin üzərinə düşür.
Çıxışımın sonunda onu demək istəyirəm ki, biz - təhsil işçiləri gələcəyə çox böyük inamla və ümidlə baxırıq. İnanırıq ki, hörmətli Prezidentimizin ölkədə həyata keçirdiyi islahatlar nəticəsində bizim problemlərimizin əksəriyyəti həll olunacaq və gələcəkdə biz Azərbaycan xalqına daha yüksək keyfiyyətli təhsil verə biləcəyik. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Misir müəllim. Saat 4-ə qədər tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirəni davam etdiririk. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, hörmətli Oqtay müəllim. Hörmətli millət vəkilləri, hörmətli nazirlər, bir neçə gündür ki, biz büdcə layihəsini geniş müzakirə edirik. Mən də öz növbəmdə bildirmək istərdim ki, əgər bu illər ərzində büdcənin artımı varsa, bu, dövlətin inkişaf etdiyini göstərir və sübut edir.
İnvestisiya xərclərinin altı dəfə artması Daşkəsən rayonunda da hiss olunur. Belə ki, 31 oktyabrda 15 il ərzində işləməyən Dəmir-Filiz Kombinatının işə düşməsi çox böyük nailiyyətdir. Artıq 300 nəfər daimi iş yeri və yüksək maaşla təmin olunub. Daşkəsən rayonu üçün bu, çox böyük nailiyyətlərdir. Bu nailiyyətlər bütün respublikada müşahidə olunur. Bu artımı biz gələcəkdə də görəcəyik. Xanlar və Daşkəsən rayonlarında səhiyyə ilə bağlı irəliləyiş var. Hər iki rayonda xəstəxanalar tikiləcək və diaqnostik mərkəz qurulacaq. Nəzərinizə çatdırmaq istərdim ki, Xanlar və Daşkəsən rayonlarının dağ kəndlərində həkim məntəqələri var. Onların problemlərinin həllinə ciddi yanaşmaq lazımdır. Daşkəsənin Dəstəfur kəndində çox gözəl şəraiti olan məntəqə var. Amma oranın təchizatı ilə bağlı müəyyən problemlər mövcuddur. İstərdim ki, bu məsələyə Səhiyyə Nazirliyi münasibət bildirsin.
Cəbhə və cəbhəyanı bölgədən seçildiyimə görə tez-tez hərbi hissələrdə oluram. Zabitlərin və əsgərlərin vəziyyəti ilə yaxından tanışam. Hərbi büdcənin bir milyard manatdan artıq olduğunu nəzərə alaraq əsgərlərin və zabitlərin sosial şəraiti ilə bağlı müəyyən müsbət addımlar atılmalıdır. Hərbi ali məktəblərin vəziyyətini yaxşılaşdırmaq üçün ayrılan vəsait daha səmərəli xərclənməlidir. Bu, cavan zabitlərin əhvali-ruhiyyəsinə müsbət təsir edə bilər.
Ölkə başçısı hörmətli Prezident İlham Əliyev Milli Məclisdə çıxışında bildirdi ki, büdcə xərclərinin səmərəli xərclənməsinə ciddi yanaşılmalıdır. Çünki indiki mərhələdə büdcənin sosialyönümlü olması çox vacibdir. Təklif edərdim ki, hərbi ali məktəblərin, əsgər və zabitlərin sosial və psixoloji vəziyyətinin daha da uğurlu inkişafı üçün heç olmasa, rübdə bir dəfə Hesablama Palatası bizə məlumat versin. Deyildiyi kimi, Hesablama Palatası öz işini bir az da təkmilləşdirməlidir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səməd Seyidov.
S. Seyidov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri, əziz dostlar! Büdcənin təqdimatının müasir və professional səviyyədə olması bizim hamımızı sevindirir. Ona görə də şəxsən maliyyə naziri hörmətli Samir müəllimə və hökumət nümayəndələrinə öz dərin minnətdarlığımı bildirmək istəyirəm. Büdcənin təqdimat mədəniyyətinin yüksəlməsi çox vacib və əhəmiyyətli bir məsələdir. Büdcə və onun göstəriciləri ən yüksək səviyyədə alqışlanmalıdır. Bu reallıqdır və həqiqətdir. Burada artıq deyildiyi kimi, büdcənin sosialyönümlü və 6 milyard dollara yaxın olması alqışlanmalıdır.
Azərbaycanın xarici siyasəti də büdcədə nəzərdə tutulan maddələrdə əksini tapmışdır. Səfirliklərin, konsulluqların açılmasını Samir müəllim qeyd elədi. Gələcəkdə 10-dan çox yeni səfirlik, konsulluq və nümayəndəlik açılacaq. Bu çox sevindirici haldır. İlk dəfə xaricdə torpağın və binaların alınması həddindən artıq vacib və əhəmiyyətli məsələdir. 50-ə yaxın nümayəndəliyin, səfirliyin saxlanmasına 37 milyon manatdan çox vəsait xərclənməsi, Xarici İşlər Nazirliyinin özünə 6 milyon manatdan çox vəsaitin ayrılması, beynəlxalq təşkilatlara üzvlük haqqı daxil olmaqla 9 milyon manat və 3 milyon manat vəsaitin ayrılması çox vacib məsələdir.
Eyni zamanda, büdcədə göstərilən rəqəmləri təhlil edərək, arzu və istəklərimi də ifadə etməyi özümə borc bilirəm. Təhsil, səhiyyə, mədəniyyət, incəsənət, informasiya və bədən tərbiyəsi sahələri ilə yanaşı, çox istərdik ki, büdcədə xarici siyasət də ayrıca bir bölmə kimi göstərilsin. Xarici siyasət yalnız səfirliklərin açılması ilə, Xarici İşlər Nazirliyinə ayrılan pullarla, yaxud üzvlük haqqı ilə yekunlaşmamalıdır. Xarici siyasət böyük və geniş bir məfhumdur.
Biz həmişə Azərbaycan Respublikası Prezidentinin uğurlu fəaliyyətindən, uğurlu daxili və xarici siyasətindən danışırıq. Daxili siyasət deyəndə bura mədəniyyət də, incəsənət də, səhiyyə də, iqtisadiyyat da və başqa məsələlər də aiddir. Xarici siyasətin ayrıca bir bənd kimi büdcədə öz əksini tapmamağı o qədər də düzgün olmazdı. Biz bilirik ki, göstərilən maddələrlə yanaşı, xarici siyasətin yüksək səviyyədə formalaşması və əks etdirilməsi, habelə informasiya blokadasını yarmaq üçün vəsait lazımdır. Azərbaycanın xarici imicini yüksək səviyyədə təqdim etmək, Qarabağ həqiqətlərini dünyaya çatdırmaq üçün vəsait lazımdır. Yeni informasiya və kommunikasiya texnologiyalarından istifadə etmək üçün xaricdə xüsusi təşkilati məsələlər həyata keçirilməlidir. İqtisadiyyatın xaricdə təmsil və təqdim olunması üçün xüsusi vəsait lazımdır.
Nəhayət, Azərbaycan artıq investisiyaları cəlb edən ölkədən investisiya qoyan ölkəyə çevrilir. Bu nöqteyi-nəzərdən Azərbaycanın xarici siyasəti üçün vacib və əhəmiyyətli olan qrantlar məsələsi öz həllini tapmalıdır. Dünyada bu istiqamətdə ən güclü siyasəti Amerika Birləşmiş Ştatlarının Dövlət Departamenti aparır. Dövlət Departamentinin qrantlarını alıb Amerikanın siyasətini yaymaq üçün hər bir ölkədə müəyyən qurumlar fəaliyyət göstərirlər. Azərbaycan dünyada öz yerini yüksək səviyyədə bəyan edir. Bəyan edirsə, Azərbaycanın dövlət büdcəsində bu öz əksini tapmalıdır. Azərbaycanı istəyən, təbliğ etmək niyyətində olan şəxslər, Azərbaycanın tərəfində olan qüvvələr Azərbaycanın maliyyəsindən bəhrələnməlidir və ondan düzgün istifadə etməlidir. Hesab edirəm ki, bu istiqamətdə işlər görülsə, çox müsbət nəticələr verər.
Sədrlik edən. Sağ olun, Səməd müəllim. Bəxtiyar Əliyev.
B. Əliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Azərbaycan Respublikasının 2007-ci il üçün dövlət büdcəsi haqqında qanun layihəsi çox mükəmməl hazırlanmışdır, ölkənin sosial və iqtisadi inkişafını dolğun əks etdirir. Qanun layihəsində iqtisadi inkişafın önəmli istiqamətləri, konkret proqramları müəyyənləşdirilmişdir ki, bu da büdcənin gəlir və xərclərinin dəqiq tənzimlənməsinə imkan verir. İstər maliyyə nazirinin, istərsə də Milli Bankın İdarə Heyətinin sədrinin çıxışlarında büdcə siyasətinin bütün məqamları çox dəqiq açıqlandı. Eyni zamanda, hörmətli deputatların burada qaldırdığı bəzi məsələlərə maliyyə naziri cavab verərkən həmin məqamları bir daha vurğuladı. Bütün bunlar onu göstərir ki, bütövlükdə hökumət ölkə Prezidentinin qarşıya qoyduğu tapşırıqları yerinə yetirməyə çalışmışdır.
Ölkədə çox böyük işlər görülmüşdür. Şübhəsiz ki, bunun nəticəsi olaraq bu gün biz belə mükəmməl və çox böyük göstəricilərə malik olan bir dövlət büdcəsi haqqında qanun layihəsini müzakirə edirik. Demək kifayətdir ki, ölkənin inkişaf səviyyəsində son beş ildə ölçüyəgəlməz dərəcədə artım olmuşdur. Təkcə son üç ildə dövlət büdcəsi 1,5 milyard manatdan 6 milyard manata çatmışdır. Əlbəttə, bu quru rəqəmlər çox titanik işlər nəticəsində meydana gəlmişdir. Bunun üçün xeyli işlər görülmüşdür. Bu zaman qarşıya xeyli çətinliklər də çıxmışdır. Bütövlükdə bunlar ölkədə həyata keçirilən sürətli iqtisadi islahatların nəticəsidir. Adambaşına düşən ümumi daxili məhsulun həcminin dəfələrlə artması göstərir ki, biz bu yolda çox inamla irəliləyirik. Ən yaxşı göstəricilərdən biri hüquqi şəxslərin mənfəət vergisinin 40 faizdən çox təşkil etməsidir. Deməli, sahibkarlıq sürətlə inkişaf edir və buna dövlət qayğısı hər an hiss edilir.
Eyni zamanda, ölkə büdcəsinin təkcə sosialyönümlü deyil, həm də investisiyayönümlü olması göz qabağındadır. Azərbaycan dövlətinin artıq özünün iri layihələrə investisiya qoymaq qabiliyyətinin olması düzgün, uğurlu aparılmış xarici və daxili siyasətin nəticəsidir. Hesab edirəm ki, bu, çox yaxın zamanlarda ölkədə iri miqyaslı layihələrin gerçəkləşməsinə şərait yaradacaqdır. Bütün bunların nəticəsi kimi, əhalinin gəlirləri artır və gəlirlər artdıqca bizim tələbatlarımız da artır. Bir sözlə, Azərbaycanda həyatın səviyyəsi təkcə kəmiyyət baxımından deyil, keyfiyyət baxımından da artmışdır. Ona görə də bu gün ən azı dünənkindən daha yaxşı yaşamaq istəyi meydana gəlir. Bu istiqamətdə isə işlər heç zaman başa çatdırıla bilməz. Ən azı ona görə ki, bu davamlı və kəsilməz bir prosesdir. Əlbəttə, bizim hamımızın məqsədi xalqın yüksək və təhlükəsiz yaşayışla təminatına nail olmaqdır.
Elmə ayrılan vəsaitin hər il artması göstərilən cədvəllərdə aydın surətdə öz əksini tapmışdır. Bu, artan vektorla ifadə olunmalıdır. Bütün bunlar büdcənin normal formalaşmasının göstəricisidir. Bir tərəfdən büdcə çox sürətlə artır, böyük rəqəmlər meydana gəlir. Bu baxımdan ayrı-ayrı bəndlər üzrə artımlar da çoxalır, amma xüsusi çəki burada azalır. Bu, normal göstəricidir. Hesab edirəm ki, maliyyə nazirinin burada dediyi kimi, fundamental, tətbiqi elmlərin inkişafı üçün xüsusi layihələr hazırlanmalıdır. Onlar qrantlar şəklində maliyyələşdirilməlidir.
Qeyd etmək istəyirəm ki, qaçqın və köçkünlərin sosial-iqtisadi vəziyyəti yaxşılaşmışdır. Bu sahədə çox böyük işlər görülübdür. Amma çox yaxşı olardı ki, gələn ilin büdcəsində cənab Prezidentin qeyd etdiyi kimi, sanatoriyalarda, digər yararsız yerlərdə yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması məsələsi öz əksini tapsın, bu istiqamətdə müəyyən işlər görülsün. Ölkə Prezidentinin apardığı işlər nəticəsində büdcəmizin buna real imkanları var və dövlət başçısının bəyan etdiyi kimi, Azərbaycanda bir dənə çadır şəhərciyi qalmamalıdır. Bu siyasətin məntiqi davamı vardır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Elmira Axundova.
E. Axundova. Çox sağ olun. Əvvəla, mən hörmətli nazirlərimizi və Nazirlər Kabinetinin nümayəndələrini salamlayır, onlara ölkəmizin inkişafı və yüksəlişi naminə fəaliyyətlərində böyük uğurlar diləyirəm. Mən 2007-ci il üçün nəzərdə tutulan dövlət büdcəsinin əsas müddəalarını bəyənirəm və hər şeydən əvvəl onun sosialyönümlü mahiyyətini alqışlayıram. Həmçinin rayonların sosial-iqtisadi problemlərinə dövlətin artan diqqətini qeyd etmək istəyirəm. Misal üçün, 2007-ci ildə Masallı rayonunun gəlirləri 2,4 milyon manat həcmində nəzərdə tutulubsa, xərcləri 13,7 milyon manat həcmində olmalıdır. Deməli, büdcədən dotasiya 11,3 milyon manat həcmində nəzərdə tutulur. Bu isə 2006-cı ilə nisbətən 46 faiz çoxdur. Mən hörmətli maliyyə nazirimizdən soruşmaq istərdim ki, bu dotasiya vəsaitləri konkret olaraq hansı sahələrə yönəldiləcək? Nəyə görə mən bunu soruşuram? Ona görə ki, Masallı rayonunun iki ən mühüm problemini ön plana çəkmək lazımdır. Düzdür, rayonumuzda quruculuq işləri görülməkdədir, məktəblər təmir olunur, inşa edilir, təzə yollar salınır və sair. Ancaq rayonun bir sıra iri qəsəbə və kəndlərində qazın verilməməsi əhalidə haqlı narazılıq doğurur. Misal üçün, Boradigah, Budalan, Tiplə kimi 10 minlərlə əhalisi olan kəndlərə hələ 70-ci illərdə qaz verilirdi. İndi də həmin qaz xətləri durur. Sadəcə, onları təmir etmək lazımdır. Mən bununla əlaqədar dəfələrlə Nazirlər Kabinetinə müraciət eləmişəm. Amma məsələ hələ də öz həllini tapmamışdır. Baxmayaraq ki, Masallı rayonunun qazlaşdırılması məsələsi “Regionların sosial-iqtisadi inkişafı haqqında” Dövlət Proqramına əsasən 2006-cı ildə öz həllini tapmalı idi.
İkinci məsələ - su problemi Masallı rayonunda çox kəskin durur. Təsəvvür edin ki, bu subtropik rayonda kəndlilərin əksəriyyəti içməli suyu maşınlarla alır. Masallı şəhərinin özündə su təminatı çox aşağı səviyyədədir. Büdcəni təhlil edərkən mənə bəlli olur ki, Dünya Bankı Azərbaycanın 10 rayonunda su təminatını yaxşılaşdırmaq üçün iri miqyaslı kredit ayıracaqdır. Maraqlıdır, maliyyə nazirimizdən soruşuram, bu rayonların arasında Masallının adı olacaqmı, ya yox? Biz bilirik ki, qlobal istiləşmə prosesi ilə əlaqədar su qıtlığı yaranır və dünyada quraqlıq zonalarının sayı getdikcə kəskin surətdə artmaqdadır. Bu problem bizim respublikamızdan da yan keçməyib. Ona görə də hökumətimiz indidən bu istiqamətdə proqnozlaşdırma aparmalıdır, buna qarşı xüsusi dövlət proqramı hazırlamalıdır. Ümumiyyətlə, su təminatı, su borularının təmiri, kanalizasiya sistemlərinin dəyişdirilməsi problemləri indi ön plana çəkilməlidir. Elə Bakının özünü götürək. Şəhər meriyası Bakının mərkəzi küçələrini asfaltlaşdırır, amma güclü leysan nəticəsində şəhərin kanalizasiya sistemi sıradan çıxır və həmin küçələrə salınan təzə asfalt yararsız hala düşür.
Bir məsələ də mənim ürəyimi həmişə ağrıdır. Bakı şəhəri, Abşeron rayonu, həmçinin Azərbaycanın bir çox rayonları zibillik içində batır. Bakının kəndləri, magistral yolların kənarları, dəniz sahilləri məişət tullantıları ilə doludur. Mən dövlət nümayəndələrindən soruşmaq istərdim, məişət tullantılarını emal edən zavod respublikada nə vaxt tikiləcək? Bütün sivil ölkələrdə belə zavodlar var və bu tipli müəssisələr dövlətə gəlir gətirir. Bizdə isə bu problemin həlli düyünə düşüb. Zibil yenə də köhnə qayda ilə yandırılır. Nəticədə onsuz da ağır olan atmosfer daha da çirklənir. Hörmətli Prezidentimiz ekoloji sahəyə həmişə fikir verir. Rayonlarımıza gedərkən icra başçılarından tələb edir ki, şəhər, qəsəbə və kəndlərin xarici görünüşünə diqqət yetirsinlər. Amma şəhər və qəsəbə zibillik içində batırsa, hansı xarici görünüşdən söhbət gedə bilər? Fikir verin, güclü küləkdən sonra ağaclardan yarpaq əvəzinə polietilen torbalar asılır. Bu əsil biabırçılıqdır. Belə bir mənzərəni heç bir inkişaf etmiş ölkədə görə bilməzsiniz. Amma Bakıda bu adi haldır.
Hörmətli maliyyə nazirimizə cavan gəlinlərimizin, qadınlarımızın xahişini çatdırmaq istərdim. Anadan olan uşaqlara görə verilən müavinətləri kəskin surətdə artırmalıyıq. Rusiyada bu məbləğ, məncə, 250 min rubla çatıb. Bizdə də bu barədə düşünməyə dəyər. Çünki bu gün qiymətlərin artdığı bir vaxtda sağlam uşaq böyütmək, onlara sağlam qida vermək cavan ailələrimiz üçün çox çətindir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arif Rəhimzadənin birinci siyahıda adı var idi. Yəqin, düymələrdən birinə əliniz dəyib, onun adını çıxarmısınız. Xahiş edirəm, diqqətli olun. Bayaq bir müsahibəyə qulaq asdım. Pənah bəy müsahibə verib ki, niyə müxalifət nümayəndələrinin hamısı siyahıya bir yerdə salınıb? Bu, mümkün deyil. Buyurun, Arif müəllim.
A. Rəhimzadə. Mən bələdiyyə haqqında, daha doğrusu, bələdiyyələrin maliyyələşdirilməsi haqqında danışmaq istəyirəm. 2006-cı ilə nisbətən 2007-ci ildə büdcəmiz 39,1 faiz artır. Maliyyə Nazirliyi tərəfindən bizə çox gözəl bir diaqram verilib. İllər üzrə yerli xərclər, yerli xərclərə ayrılan dotasiya, həmin dotasiyanın xüsusi çəkisi göstərilib. Bütün göstəricilər dəfələrlə artırılıb. Əfsuslar olsun ki, bələdiyyənin maliyyəsi 2006-cı ildə necə aşağı səviyyədə idisə, 2007-ci ildə də həmin qaydada nəzərdə tutulur. Cəmi 3 milyon manat. Sözün doğrusu, mən başa düşə bilmirəm. Bələdiyyənin vətəndaş cəmiyyətində rolu haqqında, yəqin ki, hamınızda təsəvvür var. Bu çox vacib bir institutdur. Bələdiyyə institutu inkişaf etmədən biz vətəndaş cəmiyyətini irəli aparmaqda böyük çətinliklər çəkəcəyik. Belə olan halda nəyə görə büdcə tərəfindən bələdiyyələrin maliyyələşməsi bu qaydada aparılır? Əlbəttə, mənə deyə bilərlər ki, bələdiyyələr özləri pul qazanmalıdır və özlərini təmin etməlidirlər. Ancaq bələdiyyələri bu həddə çatdırmaqdan ötrü mütləq kömək etmək lazımdır, onları bu həddə çatdırmaq lazımdır. Hər halda bələdiyyələrin vəziyyəti çox acınacaqlıdır.
Mən bir məlumat vermək istərdim. Məsələn, 2005-ci ildə bələdiyyələrə ayrılan pul vəsaiti Cəlilabad rayonunda 2200 manat, Daşkəsəndə 700 manat, Yardımlıda 700 manat, Tovuz kimi böyük rayonda 3460 manat, Masallıda 1500 manat olub. Əlbəttə, bu pulla bələdiyyələr nəinki öz fəaliyyətlərini qura bilmirlər, hətta işçi saxlaya bilmirlər. Belə olan vəziyyətdə bələdiyyə heç vaxt lazımi səviyyəyə qalxmayacaq. Odur ki, mən xahiş edirəm, bələdiyyələrin maliyyəsini imkan dairəsində ən azı iki dəfə artırmaq vacibdir. Respublika üçün bu çox da böyük xərc deyil. Mən hesab edirəm ki, bələdiyyələrə büdcədən ayrılan vəsaiti məqsədyönlü eləmək daha yaxşı olardı. Dotasiya formasında yox, subvensiya formasında. Biz görürük ki, günbəgün bələdiyyələrin gəlir mənbələri məhdudlaşır. Misal üçün, bizim iclasda Arif Qaraşov iştirak edir. Mən cənab Sədrdən xahiş edərdim, ona da söz versin. Bələdiyyələrin əsas gəlir mənbəyindən biri daşınmaz əmlakdan gələn vergilərdir. Ancaq daşınmaz əmlakdan vergi tutmaq üçün ilk növbədə gərək o qiymətləndirilsin. Mən hesab edirəm ki, subvensiya formasında bu işə getmək olardı və bu öz bəhrəsini qısa müddət ərzində verərdi. Ümumiyyətlə, digər çətinliklər də, texniki məsələlər də var. Mən hörmətli Samir müəllimdən xahiş edərdim ki, bizi və Ədliyyə Nazirliyini bu işə cəlb etməklə bu problemləri həll etsin.
İkinci məsələ. Oqtay müəllim, “Azərsu” Səmdar Cəmiyyətinin rəhbəri olanda biz Sizə müraciət etmişdik. Neftçala rayonunun Bankə qəsəbəsində yağış-kanalizasiya sisteminin tikintisi nəzərdə tutulmuşdu. Müəyyən işlər aparıldı, layihə hazırlandı. Ancaq əfsuslar olsun ki, bu iş axıra çatdırılmayıb. Mən bu məsələni 2007-ci ilin planına daxil etməyi xahiş edirəm. Böyük bir qəsəbədir. 10 min əhalisi olan bu qəsəbəni yağışdan sonra su basır. Söhbət Kürün daşmasından getmir. Bir balaca yağış yağan kimi qrunt suları yuxarı qalxır və ora yalnız çəkmə ilə gedib-gəlmək olur.
Nəhayət, mən büdcənin müzakirəsində bir tendensiyanı qeyd etmək istəyirəm. Çıxışların əksəriyyətində büdcənin mədaxil hissəsinin formalaşması haqqında, demək olar ki, təklif və ya irad eşitmədik. Belə yanaşmanın özü çox əlamətdardır. Bu isə ilk növbədə Azərbaycanın bugünkü inkişafını göstərir.
Sədrlik edən. Arif müəllim, çox sağ olun. Tahir Süleymanov.
T. Süleymanov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, hörmətli həmkarlarım! Ölkə başçısı tərəfindən təqdim olunan Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında qanun layihəsi ilə bağlı mən də mülahizələrimi bildirmək istərdim. Qanun layihəsinə bir sıra təkliflərim vardır. 2007-ci ilin dövlət büdcəsinin layihəsi Müstəqil Dövlətlər Birliyi məkanına daxil olan dövlətlər sırasında Azərbaycanın xüsusi çəkisi olan bir dövlətə çevrilməsini bir daha təsdiqləyir. Bu heç kimə sirr deyil. Ölkə başçısının dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan regionda aparıcı dövlətlərdən birinə çevrilib. Mən bu qanun layihəsinə səs verəcəyəm, həmkarlarımdan da buna səs verməyi xahiş edirəm.
Bununla yanaşı, bir sıra fikirlərimi nəzərinizə çatdırmaq istərdim. Hörmətli Sədr, hörmətli hökumət üzvləri, layihəyə diqqət yetirsək, burada bir sıra fondların mövcudluğu nəzərə çarpır. Bu, həqiqətən də, çox təqdirəlayiqdir. Keçən əsrin 90-cı illərini yada salmaq kifayətdir. Çörəklə bağlı problemlər hamınızın yadındadır. Şükürlər olsun ki, hazırda çörəklə bağlı heç bir problem mövcud deyil. Lakin istənilən dövlət gözlənilməz təhlükə ilə baş-başa qala bilər. Hesab edirəm ki, bu il, bu il də olmasa, 2008-ci ilin büdcəsində taxıl fondunun yaradılması məsələsinə baxılsın.
Deyəcəyim növbəti məsələ əmanətlərin qaytarılması ilə bağlıdır. Məndən əvvəl həmkarlarım bu məsələni qaldırdılar. Artıq neçə ildir ki, Milli Məclisdə həmin əmanətlərin qaytarılması məsələsi müzakirə olunur. Lakin deyilənlər bu günə kimi söz olaraq qalmaqdadır. Hesab edirəm ki, artıq Azərbaycan dövləti mərhələlərlə həmin əmanətlərin qaytarılması məsələsinə baxa bilər. Fikrimcə, buna büdcəmiz imkan verir. Hesab edirəm ki, bu bizim seçicilərimiz qarşısında ata biləcəyimiz əsas addımlardan biri ola bilər. Əgər xatirinizdədirsə, SSRİ dönəmində vətəndaşlarımız özlərinin əmlaklarını və ya uşaqlarının həyatını sığortalamışdılar. Sığorta üçün kifayət qədər vəsait ödəmişdilər. Yaxşı olardı ki, əlaqədar təşkilatlar həmin məsələləri bir daha nəzərdən keçirsin, hər hansı bir təkliflə dövlət başçımıza müraciət etsin və müvafiq qanun layihəsini Milli Məclisə təqdim etsinlər.
Hökumət üzvlərinin burada olmasından istifadə edərək, mən bir məsələni də diqqətinizə çatdırmaq istərdim. Bildiyiniz kimi, dövlət proqramında Dəvəçi rayonunda kompleks xəstəxananın tikilməsi nəzərdə tutulmuşdu. Lakin 2006-cı ildə müəyyən işlər görülsə də, bu iş dayandırıldı. Mən Səhiyyə Nazirliyi ilə əlaqə saxlamışam. Öyrənmişəm ki, bu, 2007-ci ildə də nəzərdə tutulmur. Dəvəçidə hazırda mövcud olan xəstəxanada heç bir şərait yoxdur. Hökumət üzvlərindən, Səhiyyə Nazirliyindən xahiş edirəm, bu xəstəxananın tikintisinin maliyyələşdirilməsi 2007-ci, heç olmasa, 2008-ci ildə nəzərdə tutulsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Dövlət Statistika Komitəsinin sədri Arif Vəliyevə söz verilir. Buyurun, Arif müəllim.
A. Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri, bəzi millət vəkillərinin inflyasiya ilə bağlı Dövlət Statistika Komitəsinə ünvanladığı iradlarla əlaqədar məsələyə bir qədər aydınlıq gətirmək istərdim. Onlar Dövlət Statistika Komitəsinin hesabladığı və nəşr etdiyi inflyasiya səviyyəsinin guya reallığı əks elətdirməməsi ilə bağlı iradlarını söylədilər. Birincisi, inflyasiya dedikdə, nədənsə, bəzi millət vəkilləri yalnız ərzaq məhsullarının qiymətlərinin artımını əsas götürürlər. Amma qeyd etmək lazımdır ki, inflyasiya həm ərzaq məhsullarının, həm qeyri-ərzaq məhsullarının qiymətlərinin, həm də xidmət tariflərinin indeksidir. Burada onlardan hər hansı birinin, yəni ərzaq məhsullarının qiymətlərinin artması, qeyri-ərzaq məhsullarının qiymətlərinin aşağı düşməsi, şübhəsiz ki, inflyasiyaya təsir göstərir. Burada qeyd olundu ki, 9 aylıq inflyasiya səviyyəsi, yəni 7,3 faiz reallığı əks etdirmir. Artıq 10 aylıq inflyasiya da hesablanıb. Bu, 7,7 faizdir. Guya inflyasiya ikirəqəmlidir, birrəqəmli deyil. Qeyd etmək istəyirəm ki, ikirəqəmli inflyasiya var və o yalnız ərzaq məhsullarına aiddir. Ərzaq məhsullarının qiymətləri 10 ay ərzində keçən ilin 10 ayı ilə müqayisədə 11 faiz artıb. Amma öz növbəsində qeyri-ərzaq məhsullarının qiymətləri 5 faiz, xidmət tarifləri isə daha az artdığına görə ümumi inflyasiya səviyyəsi 7,7 faiz təşkil etmişdir.
Heç kim inkar etmir ki, bir sıra məhsulların qiymətləri artıb. Amma yaddan çıxarmaq lazım deyil ki, bəzi məhsulların qiymətləri aşağı düşüb. Məsələn, son 10 ayda keçən ilin 10 ayı ilə müqayisədə ətin qiyməti 22 faiz, südün qiyməti 13 faiz, şəkər tozu və qəndin qiyməti 31 faiz, kartofun qiyməti 20 faiz, soğanın qiyməti 41 faiz artıb. Bu rəqəmlər Dövlət Statistika Komitəsində hesablanır və bizim nəşrlərdə əks olunur. Bununla yanaşı, kərə yağının, bitki yağının, pendirin, çayın, buğda ununun, makaronun, pomidorun, xiyarın qiyməti aşağı düşüb. Bir sıra qeyri-ərzaq mallarının qiymətlərinin artması ilə yanaşı, bir hissəsinin də qiymətləri aşağı düşüb. Məsələn, parçaların, telefonların, qızdırıcıların, video-maqnitofonların, radioqəbuledicilərin və bir sıra qeyri-ərzaq məhsullarının qiymətləri aşağı düşüb. Xidmət tariflərindən isə poçt xidmətlərinin, beynəlxalq danışıq xidmətlərinin, saat təmirinin, bank xidmətlərinin, İnternetə qoşulma xidmətlərinin qiymətləri aşağı düşüb. Bütün bunların nəticəsində toplu şəkildə inflyasiya səviyyəsi 7,7 faiz təşkil etmişdir.
Burada hörmətli Zahid Oruc qeyd etdi ki, guya Dövlət Statistika Komitəsi satılmayan məhsulları inflyasiya səbətinə daxil etməklə, kompüter texnikası və mobil telefonları nəzərə almaqla süni surətdə inflyasiya səviyyəsini aşağı salır. Bu nəyə lazımdır? Bir çox ölkələrdə 400 məhsul və xidmət növü nəzərə alınır. Şübhəsiz, elə dövlətlər var ki, 300, 200 məhsul və xidmət növünü nəzərə alır. Amma elə dövlətlər var ki, 1000, 2000 məhsul və xidmət növlərini nəzərə alır. Ümumiyyətlə, onların sayı artdıqca inflyasiyanın hesablanması daha dəqiq olur. İkincisi, bu gün bazarda ən çox satılan kompüter texnikası və mobil telefonlardır. Biz bunu necə nəzərə almaya bilərik? Digər tərəfdən, hazırda istehsal olunan məhsulun, demək olar ki, 80 faizi iş adamları tərəfindən istehsal olunub. Hansı iş adamı bazarda satılmayan məhsulu mağazalara çıxara bilər? Bunlar reallığı əks etdirmir. Ümumiyyətlə, inflyasiya Beynəlxalq Valyuta Fondunun yardımı və metodologiyası əsasında hesablanır. Onlar hər rüb inflyasiya səviyyəsini müşahidə edirlər. İnflyasiyanın doğru olub-olmaması barədə indiyə kimi Dövlət Statistika Komitəsinə heç bir irad söylənilməyib.
Burada hörmətli Vahid Əhmədov qeyd elədi ki, 3 il ərzində 240 min müvəqqəti iş yeri yaradılıb və onlar bir-iki il ərzində bağlanacaq. Hörmətli Vahid müəllimin nəzərinə çatdırmaq istəyirəm ki, həmin iş yerləri daimi iş yerləridir. Onların kütləvi şəkildə bağlanılması gözlənilmir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun, Arif müəllim. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, qonaqlar, xanımlar və cənablar! Artıq bir neçə gündür ki, ölkəmizin taleyüklü məsələsinin müzakirəsinə toplaşmışıq. Vaxtın azlığını nəzərə alaraq, mən yalnız bəzi məqamları nəzərinizə çatdırmaq istəyirəm.
Büdcə ilə bağlı fundamental sənəd hazırlanmışdır. Bunu yüksək qiymətləndirirəm və hesab edirəm ki, hazırlanmış sənəd bütövlükdə respublikamızın gücünü və xalqımızın rifah halını özündə əks etdirir. Belə ki, qısa bir zaman kəsiyində respublikamızın büdcəsinin bu qədər artmasını, əsası ulu öndərimiz tərəfindən qoyulmuş və bu gün hörmətli Prezidentimiz İlham Əliyev tərəfindən XXI əsrə uyğun və müasir baxışlarla aparılan düzgün siyasətin məntiqi nəticəsi kimi qiymətləndirmək olar. Təbii ki, bu gün yüz-min illərlə fəaliyyət göstərən, dövlətçilik təcrübəsi olan ölkələrlə gənc, müstəqil Azərbaycan Respublikasını müqayisə etmək düzgün olmazdı. Lakin bu gün hər bir dövlətin müqayisəli şəkildə inkişaf tempinə nəzər salsaq, iqtisadi inkişaf əmsalına diqqət yetirsək, Azərbaycanın ən qüdrətli dövlətlər sırasında olduğunu görmək elə də çətin deyil. Bir azərbaycanlı kimi bu uğurlar məndə də qürur hissi doğurur.
Hörmətli millət vəkilləri, hamınız gözəl bilirsiniz ki, müstəqil respublikanın varlığı üçün bir neçə dövlət təsisatları vardır. Bu təsisatların hamısının adını saymaq istəmirəm. Vaxtın azlığını nəzərə alaraq, qeyd etmək istəyirəm ki, bu təsisatların əsasında ölkənin təhsili durur. Ona görə də ulu öndərimizin bir fikrini diqqətinizə çatdırmaq istəyirəm. Ulu öndərimiz demişdir: “Təhsil millətin gələcəyidir.” Bu gün də ölkə Prezidenti tərəfindən təhsilə çox böyük diqqət yetirilir. Yeni məktəblər tikilir, əsaslı təmir olunur, məktəblərin maddi-texniki bazası gücləndirilir, yeni texnologiyalarla təmin olunur və sair. Yeri gəlmişkən, mən bir təhsil işçisi kimi bu işlərin yerinə yetirilməsində ölkə Prezidentinə yardımçı olan Heydər Əliyev Fondunun Prezidenti, millət vəkili Mehriban xanım Əliyevaya dərin təşəkkürümü və ehtiramımı bildirirəm.
Hörmətli millət vəkilləri, tarixi keçmişimizə nəzər salsaq, görərik ki, bütün dövrlərdə ağılın, zəkanın, düşüncənin, qabiliyyətin əsasında təhsil olduqda qələbə çalmaq mümkündür. Ulu öndərimizin qələbəsi buna əyani misaldır. Bu gün də hörmətli Prezidentimizin və onun komandasının bütün uğurlarını, mənə elə gəlir ki, onların yüksək təhsili ilə bağlamaq yerinə düşərdi. Bu, danılmaz bir faktdır, həqiqətdir. Bu gün də 2007-ci ilin büdcəsinin təxminən 1 milyard manata yaxınını, yəni 733 milyon manatını təhsilə ayırmasını ölkə Prezidentinin təhsilə olan qayğısı kimi qiymətləndirmək lazımdır. Bu gün ölkəmizin ali, orta ixtisas və orta məktəblərində çox böyük işlər görülür.
Milli Məclisdə hökumət rəhbərlərinin iştirak etdiyini nəzərə alaraq, diqqəti bir məsələyə cəlb etmək istərdim. Bu məsələ peşə təhsili ilə bağlıdır. Bu yaxınlarda doqquz aylıq yekunların müzakirəsi zamanı hörmətli Prezident cənab İlham Əliyev də bu sahəyə diqqətin artırılması ilə bağlı fikirlər söyləmişdi. Bununla bağlı bir neçə məqamı diqqətinizə çatdırmaq istərdim. Müasir dünya təcrübəsi göstərir ki, müxtəlif fəaliyyət sahələri üçün yeni texnologiyalara yiyələnən kadrlar hazırlamadan ölkənin dinamik inkişafına nail olmaq mümkün deyil. İnkişaf etmiş ölkələrdə texniki peşə təhsili ilə əhatə olunan məzunlar təxminən 40-60 faiz təşkil edir. Azərbaycanda bu faiz çox aşağıdır. İstərdim ki, diqqəti bu sahəyə cəlb edim və digər sahələrdə olduğu kimi, bu sahənin də inkişafına nail olaq. Ümumiyyətlə, bu sahənin inkişafı üçün müəyyən işlər görmək mümkündür. Mənim müəyyən təkliflərim var. Həmin təkliflərin hamısını vaxt azlığına görə sadalaya bilməyəcəyəm. Texniki peşə təhsilinin inkişafına büdcədən 35 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdur. Hesab edirəm ki, əvvəlki illərə nisbətən bu çox təqdirəlayiq haldır. Eyni zamanda, bu sahənin inkişafı üçün bəzi amillərə diqqət yetirmək vacibdir.
Sədrlik edən. Sağ olun. Mən bir də nəzərinizə çatdırıram ki, çıxış üçün 5 dəqiqə vaxtınız var. Sözünüzü kəsəndə mənim özümə də yaxşı olmur. Çalışın, 5 dəqiqə ərzində fikrinizi çatdırın. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Mən qısaca, tezis şəklində danışacağam. Büdcə materialları ilə tanış olduqdan sonra belə qənaətə gəldim ki, 2007-ci ilin büdcəsi həm neft, həm də qeyri-neft sektorunun, habelə ölkəmizin hərtərəfli inkişafı nəzərə alınmaqla tərtib olunmuşdur. 6 milyard dollar çox böyük vəsaitdir. Büdcədə sosialyönlü xərclərin xüsusi çəkisi 38 faiz təşkil edir ki, bu da yaxşı haldır. Elmə ayrılan vəsait büdcənin 0,66 faizini təşkil edir. Təhsil xərclərinə ayrılan vəsait isə 733 milyon manatdır və büdcənin 12,5 faizini təşkil edir. Bu da ötən illə müqayisədə 47 faiz çoxdur. Bu barədə Misir müəllim ətraflı danışdı. Çox iş görülmüşdür. Mən bunların məğzinə varmıram. Əlbəttə, həmin göstəricilər inkişaf etmiş ölkələrlə müqayisədə nisbətən azdır. Güman edirəm ki, bu son hədd deyil. Çünki hər bir xalq dünyada öz elmi, təhsili, mədəniyyəti ilə məşhurdur.
Səhiyyə xərcləri üçün 269,5 milyon manat vəsait nəzərdə tutulmuşdur ki, bu da keçən illə müqayisədə 47 faiz çoxdur. Səhiyyə xərcləri büdcənin 4,5 faizini təşkil edir. Ən əsası odur ki, bir sıra dövlət proqramlarına, xüsusən də şəkərli diabet, hemofiliya, talassemiya, xroniki böyrək çatışmazlığı olan xəstələrə büdcədə xüsusi sətirlə ayrılmışdır. Məsələn, MDB ölkələri arasında Azərbaycan yeganə ölkədir ki, şəkərli diabet xəstələri üçün belə bir proqramla çıxış edir və həmin proqrama büdcə vəsaiti ayırır. Bu heç də az vəsait deyil, 12 milyon manata yaxın vəsaitdir. Bu çox fərəhli haldır. Yəqin ki, büdcə vəsaiti imkan verəcək ki, gələn il həkimlərin, müəllimlərin, alimlərin məvacibini də əhəmiyyətli dərəcədə artırmaq mümkün olsun.
Ölkə Prezidentinin Qərb bölgəsinə, xüsusən də Gədəbəy rayonuna səfərinin bir məqamını qeyd etmək istəyirəm. Cənab Prezident Gədəbəyin Slavyanka kəndində bir rus ailəsinə qonaq getdi və yarım saat ərzində yüzlərlə diplomatın görə bilmədiyi bir işi gördü. Prezident yarım saat həmin evdə qonaq olmaqla bütün dünyaya sübut etdi ki, azərbaycanlılar humanist insanlardır. Azərbaycan çoxmillətli bir ölkədir və azərbaycanlılar başqa millətlərin nümayəndələri ilə birlikdə yaşamağı, mehriban qonşuluq etməyi bacarırlar. Budur böyük siyasət!
Yeri gəlmişkən, qeyd etmək istəyirəm ki, Gədəbəy rayonunun ermənilərlə 110 kilometr uzunluğunda sərhəd xətti var. Yəni strateji əhəmiyyətli rayondur, sipərdir. Gədəbəyin işıq və qaz problemlərinin həlli üçün cənab Prezident yerindəcə göstərişlər verdi. Bütün bunlara görə gədəbəylilər adından cənab Prezidentə dərin təşəkkürümü bildirirəm.
Hörmətli Sədr, büdcə vəsaitlərinin təyinatı üzrə xərclənməsinin nəzarət mexanizmlərini işə salmaq gərəkdir. Bu çox mühüm məsələdir. Bütövlükdə büdcə layihəsinə münasibətim müsbətdir və bu qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri Heydər Babayev.
H. Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkilləri bir çox vacib məsələ qaldırdılar. Qeyd olundu ki, ümumiyyətlə, bu problem bir çox millət vəkillərini, o cümlədən bizim əhalini narahat edən məsələdir. Həmin problem həmişə möhtərəm Prezident İlham Əliyevin diqqətindədir. Qəbul olunmuş ekologiya proqramında bu məsələ öz yerini tapmışdır. Söhbət zibil emalı zavodundan gedir. Cənab Prezidentin tapşırığına əsasən İqtisadi İnkişaf Nazirliyi bilavasitə bu məsələ ilə məşğul olduğuna görə mən qısaca məlumat vermək istəyirəm ki, bu sahədə çox böyük təcrübəyə malik və texnologiyaya sahib olan şirkətlərlə apardığımız danışıqlar axırıncı mərhələdədir. Artıq dörd şirkət məlumdur. Çünki onların qoyduğu texnoloji şərtlər başqa şirkətlərdən daha üstündür və dünya bazarında onların təcrübəsi çoxdur. Bu, sadə bir məsələ deyil. Sadəcə, zibili yandırmaqla məsələ qurtarmır. Azərbaycanda, o cümlədən Bakı şəhərində bu günə qədər yığılmış zibilin emalı və istehsalı məsələsi açıq qalır. Yəqin ki, şirkət seçildikdən sonra müəyyən olunacaq ki, hansı şirkətlə biz bu işi başlayacağıq. Ondan sonra məsləhətçi şirkət dəvət olunacaq. Həmin məsləhətçi şirkət texnologiyanı verən və avadanlığı göndərib emal zavodu tikən şirkət deyil. Məsləhətçi şirkət deyəcək ki, biz bu gün mövcud olan zibillə nə eləməliyik? Bakıda mövcud olan zibilliklərlə nə etmək lazımdır? Bunları bildikdən sonra zavod tikiləcək. Yəqin ki, bir ay, maksimum 2 ay ərzində bu məsələ ilə bağlı qərar qəbul olunacaq.
İcazə versəniz, cənab Sədr, bir də antiinhisar siyasətinə dair burada qaldırılan məsələyə toxunum. Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrində bu məsələyə bəzən düzgün diqqət yetirilmir. Sadəcə, hər hansı bir sahibkarın qeyri-qanuni hərəkəti, qanun pozuntusu inhisarçılıq kimi qələmə verilir. Qətiyyən doğru deyil. Çünki İqtisadi İnkişaf Nazirliyinin Antimonopoliya departamenti davamlı monitorinqlər həyata keçirir. Hətta təşkil olunmuş yarmarkalarda belə qanun pozuntuları aşkar edirik və onlara qarşı tədbirlər görürük. Monopoliyaya gəlincə, ümumiyyətlə, monopoliyanın özü heç də qanunazidd bir hal deyil. Dünyanın hər bir dövlətində monopoliya mövcuddur. Hətta bəzi yerlərdə dövlət tərəfindən monopoliyalara təşkilati və maliyyə dəstəyi verilir. Bizdə də monopoliyalar mövcuddur. Onların reyestri aparılır. Mütəmadi olaraq İqtisadi İnkişaf Nazirliyi tərəfindən həmin inhisarçılara, yəni təbii inhisarçılara və başqa inhisarçılara nəzarət edilir, monitorinqlər keçirilir. Sadəcə, demək istərdim ki, ayrı-ayrı şəxslərin, hətta dövlət qulluğunda işləyən şəxslərin buraxdığı qanun pozuntularını inhisarçılıq kimi qələmə vermək düzgün deyil. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! 2007-ci ilin dövlət büdcəsinin layihəsi ilə ətraflı tanış olmuşam. Mən də büdcənin lehinə səs verəcəyəm. İstərdim ki, büdcənin hazırlanmasında zəhməti olan hörmətli maliyyə nazirimizə və digər insanlara öz dərin təşəkkürümü bildirim.
Seçicilərimin əksəriyyəti Xankəndi sakinləri olduğuna görə məni bu büdcədə qaçqın və köçkünlərlə bağlı məsələlər maraqlandırdı. Mən burada istədiyim rəqəmləri gördüm, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli üçün ayırmalarla ətraflı tanış oldum. Nəzərinizə çatdırım ki, dünyanın heç bir ölkəsində əhalisinin sayına görə Azərbaycandakı qədər qaçqın və məcburi köçkün yoxdur. Məlum olduğu kimi, bu, əhalinin 29 faizini təşkil edir. Yoxsul təbəqə içərisində qaçqın və köçkünlərimiz çoxluq təşkil edirlər. Ulu öndərimiz Heydər Əliyevin götürdüyü kurs bu gün hörmətli Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Qaçqın və məcburi köçkünlərin problemləri hökumətimizin diqqətindədir. 2004-cü ilin bir iyununda qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində hökumətimiz tərəfindən böyük bir mərhələ başlandı. Belə ki, çadır şəhərciklərində, şəraitsiz yerlərdə yaşayan insanların mənzil şəraitinin yaxşılaşdırılması istiqamətində son 3 il ərzində hörmətli Prezidentimiz tərəfindən 13 yeni tipli qəsəbənin tikintisi başa çatdırıldı. Burada 3860 nəfər sakinin yerləşdirilməsi nəzərdə tutulmuşdur. Hörmətli Prezidentimizin çıxışında göstərilir ki, 2007-ci ildə bir dənə də olsun çadır şəhərciyi qalmamalıdır. Həqiqətən də, bu gün qaçqın və məcburi köçkünlərimizə göstərilən diqqət və qayğı nəticəsində 2007-ci ilin dövlət büdcəsində xeyli vəsaitin ayrılması proqnozlaşdırılır. Belə ki, Dövlət Neft Fondundan qaçqın və məcburi köçkünlər üçün 384,7 milyon manat vəsait ayrılmışdır. Xüsusi ilə yemək xərclərinin artırılması və büdcədə oturması olduqca təqdirəlayiq hadisədir. Qaçqın və məcburi köçkünlərimiz adından hörmətli Prezidentimizə bir daha dərin təşəkkürümü bildirirəm.
2007-ci ilin dövlət büdcəsində hərbi xərclərin artırılması mənim ürəyimcədir. Nə qədər ki Ermənistanın Azərbaycana təcavüzü davam edir, Dağlıq Qarabağ problemi həll olunmayıb, hərbi xərclərimiz artırılmalıdır. Bu, xüsusi ilə qatı düşmənimiz olan Ermənistanı çox narahat etmişdir. Burada səslənən fikirlər də göstərir ki, son zamanlar Qarabağın özündə aparılan təlimlər Ermənistan hökumətini təhlükəyə salmışdır. Mən növbəti büdcənin müzakirəsində arzu edərdim ki, hərbçilərimizin maaşları bir neçə dəfə artırılsın. Ermənistanın təcavüz etdiyi bir dövrdə biz hərbçilərimizi həmişə diqqət və nəzarətdə saxlamalıyıq. Bu gün bizim ordumuz nə 1990, nə də 1992-ci ildəki ordudur. Bu gün bizim ordumuz nizami ordudur. Beynəlxalq standartlara cavab verən, sülhməramlı qüvvələrin tərkibində fəaliyyət göstərən çox nizamlı bir ordumuz var. Ona görə də həm millət vəkilləri, həm də hökumət nümayəndələri ordumuzu həmişə diqqətdə saxlamalıdırlar.
Qaçqın və məcburi köçkünlərlə bağlı bəzi məqamları da diqqətinizə çatdırmaq istərdim. Xanlar rayonunda məskunlaşan, Xankəndindən, Şuşadan, Xocalıdan olan soydaşlarımızın yaşadığı 176 ev qəza vəziyyətindədir. Abid müəllim burada yoxdur. Xahiş edərdim, bu məsələ hörmətli Abid müəllimə çatdırılsın. Burada çox ağır fəlakətlər baş verə bilər. Fövqəladə hallar komissiyası dörd dəfə orada olub. 2001-ci ildə, 2003-cü ildə, 2004-cü ildə. Lakin bu günə qədər heç bir tədbir görülməmişdir. Əgər hər hansı yeraltı təkan olsa, çox ağır fəlakətlər baş verə bilər. Mən 2007-ci ilin büdcə layihəsinə səs verəcəyəm. Hörmətli həmkarlarımı da büdcəyə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elman Məmmədov, buyurun.
E. Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri və qonaqlar! Büdcənin necə hazırlanması ilə bağlı məndən əvvəl çıxış edənlərlə həmrəy olduğumu bildirmək istərdim. Yəni büdcə kifayət qədər dürüst, tam hazırlanıbdır. Onun fəaliyyətini təmin eləmək üçün tədbirlər görülməlidir. Əlbəttə, bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycan cəmiyyətində də müsbət cəhətlərlə bərabər müəyyən nöqsanlar da var. Bu gün biz hamımız, həm Milli Məclis, həm də hökumət qarşımıza nə etməli sualını qoymalıyıq. Yəni cəmiyyətimizdə olan qüsurları, nöqsanları, əyintiləri aradan qaldırmaq üçün nə etməliyik? Bu sual ətrafında fikirləşməliyik və fəaliyyətimizi tənzimləməliyik. Cəmiyyətdə varlılar olduğu kimi, təbii ki, yoxsullar da, yoxsulluq həddindən aşağı səviyyədə yaşayanlar da var. Biz nə etməliyik ki, yoxsulluq tədricən aradan qaldırılsın? Biz fəaliyyətimizi hansı istiqamətdə qurmalıyıq ki, işsizlik tədricən aradan qaldırılsın? Biz nə etməliyik ki, şəhid ailələrinə, müharibə əlillərinə, müharibə veteranlarına qayğı daha da artırılsın?
Bizim bəzi hüquq müdafiəçilərimizin verdikləri informasiyaya əsaslanaraq beynəlxalq təşkilatlarda, müəyyən mətbu orqanlarında belə fikir formalaşır ki, Azərbaycanda korrupsiya həddindən artıq yüksək səviyyədədir, rüşvətxorluq var və s. Bütün cəmiyyətlərdə olduğu kimi, Azərbaycanda da bu var. Deyilən qədər olmasa da, mövcuddur. Biz bu sualı da qarşımıza qoymalıyıq. Fəaliyyətimizi necə qurmalıyıq ki, korrupsiyaya qarşı apardığımız mübarizə daha səmərəli olsun? Biz müharibə vəziyyətində olan ölkə kimi hərbi sahəyə kifayət qədər vəsait ayırmışıq. Ancaq biz nə etməliyik ki, müdafiə sahəsinə ayrılmış həmin vəsait istiqaməti üzrə, yəni silah-sursata, əsgərin yeməyinə və digər müdafiə məsələlərinə xərclənsin?
Azərbaycan Respublikasının 2007-ci il üçün dövlət büdcəsi əhalimizin sayına görə kifayət qədər zəngindir. Ancaq biz qarşımıza bu sualı da qoymalıyıq. Biz nə etməliyik ki, yerli icra orqanları tərəfindən büdcə vəsaiti dağıdılmasın, israfçılığa yol verilməsin? Bu suallar ətrafında fikirləşməliyik. Bəzən görürsünüz ki, hörmətli cənab Prezidentimizin qarşısında məruzə eləyən bəzi nazirlərimiz, bəzi icra hakimiyyəti başçılarımız, bəzi məmurlar risk eləyib yalan danışırlar, saxta məlumatlar verirlər. Bunun qarşısını almaq üçün nə etməliyik? Biz bütün “nə etməli” suallarını cəmləşdirib bir fikrə gəlməliyik. Fəaliyyətimizi necə qurmalıyıq ki, torpaqlarımızın işğaldan azad olunmasına nail olaq? Mən hökumətimizə də, Milli Məclisə də öz fəaliyyətində uğurlar arzulayıram. Arzu edirəm ki, “nə etməli” suallarının cavabları tapılsın və fəaliyyətimizi düzgün quraq. Sağ olun.
Sədrlik edən. Sağ olun. Nizami Cəfərov.
N. Cəfərov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Büdcənin bugünkü vəziyyəti Azərbaycanın iqtisadi, təsərrüfat və maliyyə sisteminin ardıcıl surətdə inkişaf elədiyini göstərir. Bu, yalnız rəqəmlərlə ifadə olunmur, eyni zamanda, biz onu respublikamızın həyatında görürük. Elə Milli Məclisin iclas zalının yüksək zövqlə təmir olunması, müasir standartlara uyğun, hətta həmin standartlardan da yüksək olması ölkədə gedən iqtisadi prosesin nəticəsidir. İstənilən iqtisadi təsərrüfat prosesi, maliyyə prosesi o məmləkətlərdə, o ölkələrdə ki mədəniyyətə çevrilə bilmir, maddi nemətlər mənəvi nemətlərə çevrilə bilmir, əlbəttə, o ölkə nəticə etibarı ilə geri qalır.
Bizim mədəniyyətimizin inkişafının dövlət siyasəti əslində üç cəhəti nəzərə alır. Birincisi, mövcud olan mədəniyyət, incəsənət potensialını qoruyub saxlamaq, ikincisi, onun müasir bazar iqtisadiyyatı şəraitində normal inkişafını təmin eləmək, yəni bu şəraitə uyğunlaşmasını təmin eləmək və nəhayət, professionallığı yüksəltmək. Bu baxımdan büdcədə bizim mədəniyyətimizin, incəsənətimizin inkişafı üçün normal kapital qoyuluşu müəyyən qədər nəzərə alınıb. Amma mən hörmətli Samir müəllimdən xahiş edərdim ki, mədəniyyətə, incəsənətə ayrılan vəsait yenə də müəyyən qədər artırılsın. Çünki bu artım digər sahələrlə müqayisədə çox aşağıdır. Ümumiyyətlə, artım var. Biz onu komissiyada müzakirə elədik.
Mən düşünürəm ki, bizim maliyyə işçilərimizin, ölkənin təsərrüfatını idarə eləyənlərin mədəniyyətə münasibətdə fəlsəfəsi dəyişməlidir. İncəsənətə vəsait qoyulmalıdır. Bu gün Azərbaycan incəsənəti bazar iqtisadiyyatı şəraitində işləyə bilmir. Bizim incəsənət, mədəniyyət məhsullarımız hətta respublika daxilində belə alıcısını tapa bilmir. Bunun üçün maliyyə mümkün qədər çox ayrılmalıdır. Burada söhbət ondan gedə bilməz ki, biz hansısa daha zəruri sahədən vəsait ayırıb mədəniyyətə qoyaq, amma tarazlıq bir qədər də mədəniyyətin xeyrinə dəyişdirilməlidir. Əlbəttə, incəsənət adamı vətəndaşdır. Artıq minimum əmək haqqı ilə bağlı siyasətimiz müəyyənləşir. Maliyyə mümkün qədər incəsənət adamının normal yaşamasından çox incəsənətin inkişafına qoyulmalıdır. Bu baxımdan bizim respublikanın təcrübəsi var. İstiqamətlənmiş konkret sahələr var ki, ora maliyyə vəsaiti ayrılıb. Festivalların keçirilməsi, sərgilər və s. Kinostudiyanın təmiri ilə bağlı ayrıca vəsaitin ayrılmasını da alqışlayıram. Mən yenə hörmətli maliyyə nazirindən xahiş edərdim ki, kinostudiyanı təmir ilə yanaşı, kino istehsalı üçün də vəsait ayrılsın. Bu gün Azərbaycanda kino çəkilişi texnologiyası çox bərbad vəziyyətdədir. Hətta lentlərin aşkarlanması üçün biz kənara müraciət edirik. Daha çox maliyyə istiqamətləndirilsin ki, texnologiya alınsın. Yəni sadəcə, təmirlə iş bitmir.
Hörmətli Samir müəllimdən, Sabir Rüstəmxanlı demişkən, xüsusi xahişim var. Bu da ondan ibarətdir ki, bizim yaradıcı təşkilatlar, o cümlədən Yazıçılar Birliyi, Bəstəkarlar İttifaqı maliyyələşdirilir. Amma Teatr Xadimləri İttifaqı, Kinematoqrafiya İttifaqı maliyyələşdirilmir. Onun strukturu maliyyələşdirilməlidir. Vəziyyət elədir ki, həmin sahələrə təşkilati rəhbərlik tələb olunur. Mən çox xahiş edərdim ki, ən azı bu iki ittifaqın maliyyələşməsi məsələsinə Maliyyə Nazirliyi baxsın. Bu sahəyə qoyulan çox cüzi vəsait bizim kinematoqrafiya və teatr işimizin normal idarə olunmasına kömək eləyə bilər. Çox cüzi bir vəsaitdir. Sağ olun.
Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri İsmət Abasov.
İ. Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri, xanımlar və cənablar! Artıq heç kəsə sirr deyil ki, Azərbaycan dövlətinin qurucusu, ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulmuş aqrar islahatlar bu gün onun layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla həyata keçirilir və aqrar sahənin dinamik inkişafı təmin edilir.
1996-2000-ci illərdə kənd təsərrüfatında ümumi məhsulun artım dinamikası 5-11 faiz təşkil etmişdir. Cari ildə hava şəraitinin qeyri-sabit keçməsinə baxmayaraq, ümumi məhsul istehsalının yüksək olması gözlənilir. 1999-cu ildə əkin altında 833 min hektar sahə olduğu halda, 2006-ci ildə bu, 1 milyon 321 min hektar olmuşdur. 1995-ci ilə nisbətən 2005-ci ildə buğda istehsalı 2,5 dəfə, tərəvəz məhsulları istehsalı 2,6 dəfə, meyvə istehsalı 1,9 dəfə artmışdır. Bu dövrdə paxlalı bitkilərin məhsuldarlığı 1,5 dəfə, bostan bitkilərinin və meyvə bağlarının məhsuldarlığı isə 2,4 dəfə artmışdır.
Burada hörmətli millət vəkillərinin çıxışlarında kənd təsərrüfatı məhsulları istehsalının azalması, qiymətlərin artması və digər məsələlərə dair irad və təkliflər səsləndi. Mən bu irad və təkliflərlə qismən razı olsam da, bəziləri barədə fikrimi sizə çatdırmaq istəyərəm. Öncə, kənd təsərrüfatında ümumi məhsul istehsalının keçən ilin müvafiq dövrünə nisbətən 1 faiz azalması ilə əlaqədar bildirmək istəyirəm ki, erkən yazda havaların soyuq və yağmurlu keçməsi, bitkilərin vegetasiya dövründə davamlı quraqlığa və yüksək temperatura məruz qalması əsasən çəyirdəkli meyvə bağlarına, paxlalı bitkilərə, pambıq və digər texniki bitkilərin sahələrinə xeyli ziyan vurmuş, 10 min hektar pambıq sahəsində təkrar səpin aparılmışdır. Keçən ilə nisbətən pambıq əkilən sahələrin 17 min hektar azalmasına baxmayaraq, kəndli sahibkarların gərgin əməyi nəticəsində hər hektardan məhsuldarlıq 0,1 sentner artaraq 26,7 sentnerə çatdırılmış, ümumi məhsul istehsalı isə 2 milyon 80 min ton olmuşdur.
Bazar iqtisadiyyatı münasibətlərinin tələblərinə uyğun olaraq ölkənin strukturunda hər il dəyişikliklər baş verir, yeni istehsal sahələri yaradılır. Bu da digər istehsal sahələrinin artıb-azalmasına səbəb olur. Belə ki, cari ildə taxılın ümumi sahəsinin azalması hesabına, ölkəmiz üçün əhəmiyyətli olan şəkər çuğundurunun əkin sahəsi 7,3 min hektara çatdırılmışdır. İlin sonunadək 140 min ton çuğundur istehsalı gözlənilir. Yem bitkilərinin əkin sahəsi isə artaraq 216 min hektar təşkil etmişdir.
Hörmətli millət vəkillərinin bəzi kənd təsərrüfatı məhsullarının qiymətlərinin artması barədə dediyi fikirlərlə əlaqədar bildirmək istəyirəm ki, Kənd Təsərrüfatı Nazirliyi bazar qiymətlərinin tənzimlənməsi ilə məşğul olan dövlət orqanı deyil. Nazirlik aqrar-sənaye kompleksində dövlət siyasətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır. Digər tərəfdən, sizə məlum olduğu kimi, kənd təsərrüfatı məhsullarının qiymətləri hökumət tərəfindən liberallaşdırılmışdır. Kənd təsərrüfatı məhsullarının qiymətlərinin artmasının əsas səbəblərindən biri insanların alıcılıq qabiliyyətinin artması və həmin məhsulların Rusiya və digər ölkələrin bazarlarına ixrac edilməsidir. Belə ki, 2000-ci ildə 50 min ton meyvə- tərəvəz və kartof ixrac olunduğu halda, bu ilin 9 ayında 119 min ton məhsul ixrac edilmişdir. Bu da keçən ilin müvafiq dövrünə nisbətən 15 min ton çoxdur. Məhsulların ixracatı davam etdirilir. Ölkəmizdə aqrar marketinqin inkişaf mərhələsində olması, məhsulun istehlakçıya çatdırılması prosesinin bir neçə mərhələdən keçməsi də kənd təsərrüfatı məhsullarının qiymətlərinin bahalaşmasına səbəb olan amillərdəndir.
Kənd təsərrüfatı məhsullarının qiymətlərinin tənzimlənməsinə və Bakı şəhəri əhalisinin ərzaq məhsulları ilə təminatının yaxşılaşdırılmasına ölkə Prezidentinin tapşırığına əsasən bu il iyulun 17-də Nazirlər Kabinetində keçirilən müşavirənin müsbət təsiri olmuşdur. Belə ki, cari ilin iyulundan indiyədək Bakı şəhərinin rayonlarında 33 yarmarka keçirilmiş, 8,3 min ton müxtəlif kənd təsərrüfatı məhsulları satılmışdır. Həmin yarmarkalarda kənd təsərrüfatı məhsullarının qiymətləri bazar qiymətlərindən xeyli aşağı olmuşdur. Yarmarkaların keçirilməsi uğurla davam etdirilir və bu tədbir əhali arasında böyük razılıqla qarşılanır, onlar ölkə Prezidentinə minnətdarlıqlarını bildirirlər.
Respublika Prezidenti cənab İlham Əliyevin “Aqrar bölmədə lizinqin genişləndirilməsi sahəsində əlavə tədbirlər haqqında” 23 oktyabr 2004-cü il tarixli sərəncamı kəndli sahibkarlar tərəfindən böyük sevinclə qarşılanan, ölkəmizin aqrar siyasəti tarixində vacib sənədlərdən biridir. Fermerlərin və digər sahibkarların kənd təsərrüfatı texnikası ilə təmin edilməsi üçün dövlət büdcəsindən 2005 və 2006-cı illərdə müvafiq olaraq 20 milyon və 28 milyon manat ayrılmışdır. Son iki ildə 48 milyon manat həcmində büdcə vəsaiti hesabına tender keçirilmiş, 500 ədəd taxılyığan kombayn, 764 ədəd müxtəlif markalı traktor, 2079 ədəd traktor qoşquları, 20 ədəd ekskavator və 30 dəst mini-traktor alınmışdır. “Aqrolizinq” Səhmdar Cəmiyyəti respublikanın 52 rayonunda aqroservis xidməti şəbəkələri yaratmışdır. Regionların iqlim şəraitini və əkin strukturunu nəzərə almaqla hər rayonda bir neçə yeni aqroservis xidmətlərinin yaradılmasına ehtiyac duyulur.
Məlumdur ki, kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə təsir edən əsas amillərdən biri də torpağa mineral və üzvi gübrələrin verilməsidir. Son illər ölkəmizdə məhsul istehsalının artımı əsasən torpağın təbii münbitliyi hesabına əldə edilmişdir. Belə ki, keçən əsrin 80-90-cı illərində hər il orta hesabla 1 milyon 200 min ton mineral gübrə istehsal edilmişdisə, 2000-2005-ci illərdə bu rəqəm cəmi 50-60 min ton olmuşdur. Son iki ildə büdcədən ayrılmış 14,6 milyon manat vəsait hesabına tenderlə “Aqrolizinq” Səhmdar Cəmiyyəti tərəfindən 50640 ton azot, 21100 ton fosfor gübrəsi alınmışdır ki, bu da respublikaya gətirilən 134367 ton mineral gübrənin 54 faizini təşkil edir. Gətirilən gübrələr ümumi tələbatın yalnız 14 faizini ödəyir. Hörmətli millət vəkili Eldar Quliyevin rayon icra hakimiyyəti orqanlarının sosial məsələlərlə yanaşı, rayonun iqtisadi göstəricilərinə, torpaqlardan səmərəli istifadə edilməsinə, onun təyinatının dəyişdirilməsinə, münbitliyinin yüksəldilməsinə və qorunub saxlanılmasına bilavasitə cavabdehlik daşımaları barədə fikirləri ilə razıyam. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramında nəzərdə tutulan aqraryönümlü tədbirlərin həyata keçirilməsində Kənd Təsərrüfatı Nazirliyi ilə birlikdə onlar da iştirak etməlidirlər.
İş yerləri barədə qeyd etmək istərdim ki, ölkəmizdə son üç ildə açılan 500 min iş yerindən 144168 -i aqrar sahənin payına düşür. Bu da yeni açılan iş yerlərinin 30 faizini təşkil edir.
Astaradan seçilmiş hörmətli millət vəkili Vasif Əliyev tərəfindən səslənən fikrə də münasibət bildirmək istəyirəm. Mən təxminən bir ay bundan öncə Astara rayonunda ezamiyyədə olmuşam, orada müxtəlif qurumlarla görüşlər keçirmişik. Bakıya qayıtdıqdan sonra aqrar sahənin inkişaf etdirilməsi üçün dərhal “Aqrolizinq” Səhmdar Cəmiyyətinin filialını yaratdıq. Qısa zaman kəsiyində oraya 4 traktor, 1 kombayn, bir neçə ədəd kənd təsərrüfatı texnikası, 60 ton superfosfat və azot gübrələri verildi. 2006-cı il 4 noyabr tarixində Bakının Nərimanov rayonunda keçirilən yarmarkalarda Astaradan gətirilmiş 7 ton subtropik meyvə satılmışdır. Ayın 11-i üçün proqnoz 8 tondur. Həmin məhsulların Nərimanov və Nizami rayonlarında satılması nəzərdə tutulub.
Hörmətli Sədr, hörmətli millət vəkilləri, çıxışımın sonunda qeyd etmək istəyirəm ki, biz Kənd Təsərrüfatı Nazirliyi olaraq, aqrar sahənin bundan sonra da dinamik inkişaf etdirilməsi üçün əlimizdən gələni əsirgəməyəcəyik və ölkə başçısının etimadını doğrultmağa çalışacağıq. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Ağacan Əbiyev.
A. Əbiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! 2007-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi yüksək səviyyədə, məntiqli hazırlanmış və mütənasib şəkildə iqtisadiyyatımızın, təhsilimizin, elmimizin, səhiyyəmizin inkişafını təmin edir. Mən idman sahəsinin nümayəndəsi kimi qeyd edərdim ki, bu il keçən ilə nisbətən Azərbaycanda bədən tərbiyəsinə, gənclər siyasətinə büdcədən ayrılan vəsait 7,5 milyon manatdan 15,3 milyon manata çatmışdır. Bu artım 79 faizdir. Birinci gün büdcə layihəsi müzakirə edilərkən belə çıxışlar oldu ki, niyə olimpiya oyunlarına, idmana bu qədər böyük vəsait ayrılmışdır? Mən aydınlıq gətirmək istəyirəm ki, Azərbaycanın iqtisadiyyatı inkişaf edir. Sözsüz ki, bütün sahələrdə olduğu kimi, idmana da maliyyə artımı zəruridir. Lakin bu vəsait təkcə idmana, olimpiya oyunlarına deyil, ilk növbədə Azərbaycan gənclərinin, Azərbaycan xalqının sağlamlığı üçün ayrılıb. Yadımızdadır, 2001-ci ildə ilk Olimpiya kompleksi açılarkən ümummilli liderimiz Heydər Əliyev çıxışında belə dedi: “Azərbaycanda idmana qoyulan sərmayə xalqımızın sağlamlığına qoyulan sərmayədir”. Mənə belə gəlir ki, bədən tərbiyəsinə sərmayə qoyulmalıdır ki, sonradan sağlam olmayan uşaqları müalicə etmək üçün dərmanlara pul xərcləməyək.
Olimpiya oyunlarına gəlincə, bu, birinci növbədə sağlamlığa, böyük idmana qoyulan xərcdir. Hər bir azərbaycanlı olimpiya oyunlarında bizim idmançılarımızın qələbəsini böyük fəxrlə alqışlayır. Bildiyiniz kimi, xaricdə ilk növbədə Prezidentin şərəfinə, sonra isə idmançılarımızın olimpiadalarda, dünya çempionatlarında qələbələrinə görə bayrağımız qaldırılır, himnimiz çalınır. Olimpiya oyunları belə bir beynəlxalq tədbirdir. Eyni zamanda, dünyanın 2-3 milyard əhalisi bu oyunlara baxır. İki həftə ərzində idmançılarımız qələbələri ilə Azərbaycanı, bayrağımızı, himnimizi bütün dünyaya tanıtdılar.
Bu gün Azərbaycanda bədən tərbiyəsinə və idmana ayrılan vəsait büdcənin cəmi 0,25 faizdir. Yəni buna çox demək düzgün deyil. Mən belə gəlir ki, bu vəsait sonradan bir az da artırılsa, daha yaxşı olardı. O ki qaldı Azərbaycanda tikilən idman komplekslərinə, mən yenə deyirəm, 2001-ci ildə birinci kompleks tikilmişdir. Hazırda Azərbaycanda həmin komplekslərin sayı 12-yə çatdırılmışdır. Bu o deməkdir ki, Azərbaycan gəncləri həmin komplekslərdə idmanla məşğul olurlar. Mən hesab edirəm ki, bunu ancaq alqışlamaq lazımdır. Bu cür komplekslərin tikilməsi Azərbaycan xalqının xeyrinədir.
Bir məsələni də qeyd etmək istərdim. Layihədə bizə aid olan sətirdə belə yazılıb: “bədən tərbiyəsi, gənclər siyasəti və turizm”. Bildiyiniz kimi, artıq turizm Mədəniyyət və Turizm Nazirliyinə verilib. Yəni burada “bədən tərbiyəsi və gənclər siyasəti” yazılsa, düzgün olardı. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aydın Həsənov.
A. Həsənov. Hörmətli Sədr, hörmətli millət vəkilləri və hökumət üzvləri! Bu gün müzakirəyə çıxardığımız büdcə layihəsi çox aktualdır və geniş ictimaiyyətin diqqətini cəlb edən məsələdir. Büdcə layihəsi barədə maliyyə naziri Samir Şərifov ətraflı məlumat verdi. Ona görə də mən bu barədə danışmağa ehtiyac duymuram.
Hörmətli Sədr, üç gündür Silahlı Qüvvələrin zabitlərindən və ehtiyatda olan zabitlərimizdən mənə çoxlu zənglər gəlir. Xahiş edirlər ki, büdcədən bu qədər vəsait ayrıldığına görə onların adından minnətdarlığımı bildirim. Mən də onların xahişini Sizə çatdırmaq istəyirəm. Eyni zamanda, Silahlı Qüvvələrdə xidmət edən zabitlərimizin həyat şəraitinin yaxşılaşdırılması üçün təkliflərimi bildirmək istəyirəm. Hörmətli Prezidentimizin, Silahlı Qüvvələrin Ali Baş Komandanının orduya və onun şəxsi heyətinə diqqət və qayğısı hamımıza bəllidir. Müharibə şəraitində yaşadığımız bir dövrdə orduya daha çox dövlət vəsaitinin ayrılması qələbənin şərtlərindən biridir. Bu məqsədlə orduya 1 milyard manatdan çox vəsaitin ayrılması vacibdir. Mən bu qayğı və diqqətə görə Silahlı Qüvvələrdə xidmət edən əsgərlərin, zabitlərin və generalların adından hörmətli Prezidentimiz İlham Əliyevə, millət vəkillərinə, hökumət üzvlərinə dərin minnətdarlığımı bildirirəm. Müdafiə Nazirliyində hazırda səmərəli iş aparılmışdır. Demək olar ki, hərbi hospitallar təmir olunub, yeniləri tikilib.
Millət vəkilləri orduda xidmət edən zabitlərin əmək haqqının artırılması ilə əlaqədar çox gözəl sözlər dedilər. Amma millət vəkillərinin nəzərinə çatdırım ki, bu Qanun çoxdan qəbul olunub. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinə əsasən hərbçilərin əmək haqqı dövlət qulluqçularının orta əmək haqqından az olmamalıdır. Təəssüf ki, qəbul olunmuş qanunda göstərilən tələblər bu günə qədər icra olunmur. Xahiş edirəm, bu maddə nəzərə alınsın. Bizə daxil olan çoxsaylı müraciətlərin təhlili göstərir ki, müvafiq qanunvericilik bazası olmasına baxmayaraq, əksər hallarda şəhid ailələrinə, ehtiyata buraxılmış zabitlərə ev, torpaq sahəsi verilmir. Mən icra orqanları rəhbərlərinin iclasda iştirakından istifadə edərək onlardan xahiş edirəm ki, bu məsələlərə diqqətlə yanaşsınlar.
Yeri gəlmişkən, müharibə vəziyyətində olduğumuz nəzərə alınmalı, orta məktəblərdə hərbi hazırlıq dərsləri daha da təkmilləşdirilməli, ali məktəblərdə ləğv olunmuş hərbi kafedraların fəaliyyəti bərpa olunmalıdır. Qarabağ uğrunda döyüşlərdə Milli Qəhrəman adına layiq görülmüş insanlara dövlət qayğısı yüksək səviyyədə olmalıdır ki, cəmiyyətdə vətənpərvərlik ruhunun gücləndirilməsinə zəmin yaradılsın. Mən Cəlilabad rayonunu təmsil edirəm, oranın vəkiliyəm. Xahiş eləyirəm, Nəqliyyat Nazirliyi, Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyi öz nümayəndələrini Cəlilabad rayonuna göndərsinlər, oradakı vəziyyətə baxsınlar. Belə ki, məktəblərimiz, xəstəxanalarımız qəza vəziyyətindədir. Maliyyə nazirindən xahiş edirəm, Cəlilabadın çoxsaylı problemlərini nəzərə alıb, bu rayona büdcədən əlavə vəsait ayrılmasına lazımi köməklik göstərsin. Bildiyiniz kimi, Cəlilabad rayonu sovet dövründə taxılçılıq sahəsində öndə gedirdi. Həmin torpaqları təsərrüfatda çalışmayan insanlara paylayıblar. Bütün instansiyalara ərizə və şikayətlər yazılıb, lakin indiyə kimi bu məsələ həll olunmayıb. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Rəbiyyət xanım, buyurun.
R. Aslanova. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Doğrudan da, bu gün müzakirə etdiyimiz sənədlər toplusu olduqca vacibdir, hər birimizin həyatı və varlığı ilə əlaqəlidir. 2007-ci ilin dövlət büdcəsində müşahidə olunan artım beynəlxalq sənədlərdə təsbit olunan insan haqlarının minimum səviyyəsindən maksimum səviyyəsinə doğru inkişafının respublikamızda yüksələn xətt üzrə getdiyinə dəlalət edir. Bu, olduqca sevindirici haldır. Artıq üç gündür ki, millət vəkilləri bu haqda danışır və bu uğurumuza sevinirik. Mən bu sənədlər toplusunu peşəkarlıqla hazırlayan hər bir kəsə öz minnətdarlığımı bildirirəm. Vaxtın azlığını nəzərə alaraq, öz mülahizələrimi qısa şəkildə demək istərdim. Məni bir millət vəkili kimi narahat edən bir neçə məsələyə öz münasibətimi bildirirəm. Bunlar yalnız iradlar deyil, həm də təkliflərdir. İlk növbədə sərhəd rayonlarının sosial-iqtisadi inkişafı üçün islahatların aparılması sürətləndirilməlidir.
Mən Balakəni təmsil edirəm. Balakən sərhəd rayonudur. Hesab edirəm ki, bu gün sərhəd rayonlarından şəhərə axın, urbanizasiya proseslərinin sürətlənməsi həmin bölgələrin boşalmasına səbəb olur. Doğrudur, sərhəd rayonlarına münasibət yaxşıdır. Amma bu münasibətin bir az da yaxşılığa doğru dəyişməsini xahiş edərdim. Məncə, şəhərə axın ondan irəli gəlir ki, orada mərkəzlər yoxdur. Bu gün artıq biz bilirik ki, ayrı-ayrı müəssisələrin, məhkəmələrin, Apellyasiya məhkəməsinin regionlarda bölmələri yaradılır. Mən çox istərdim ki, rayonlarda ali təhsil ocaqlarının, elmi tədqiqat mərkəzlərinin filialları da yaradılsın. Belə olarsa, əhalinin rayonlardan Bakıya axınının qarşısı alına bilər.
Mən bir neçə kəlmə də rayonlardakı kənd xəstəxanaları haqqında danışmaq istərdim. Adambaşına düşən səhiyyə xərcləri müxtəlif rayonlarda müxtəlif cür bölünür. Əhalisi eyni olan rayonlarda bu rəqəm müxtəlifdir. Mən çox istərdim ki, bu məsələyə diqqət yetirilsin. Balakəndə 86 min insan yaşayır. Qazaxda da təqribən o qədərdir. Amma adambaşına düşən səhiyyə xərcləri müxtəlifdir. Buna görə də istərdim ki, bu məsələyə diqqət yetirilsin.
Digər bir məsələ elm və təhsillə bağlıdır. Hər birimiz vəsaitin azlığından danışırıq. Düzdür, vəsait bəlkə də bizi qane etmir. Ancaq mən istərdim ki, burada maliyyə naziri bir cəhətə öz münasibətini bildirsin. Biz çox istərdik ki, attestasiya məsələsini gündəmə gətirək. Yəni attestasiya məsələsi artıq fərdi yanaşmaya rəvac verəcək. Milli Elmlər Akademiyasında, Bakı Dövlət Universitetində, ümumiyyətlə, ali təhsil ocaqlarında attestasiya əsil alimlərin səviyyəsini ortaya qoyacaq. Belə olan halda Maliyyə Nazirliyi yüksək həddi göstərməlidir ki, doğrudan da, attestasiyadan keçən insanlar əvvəlki məvaciblə deyil, daha yüksək məvaciblə işləsinlər. O vaxt rəqabət olacaq. Əsil alimin kim olduğu ortaya çıxacaq.
Digər bir məsələ. Elə sahələr var ki, onlar bu gün də dotasiyalarla yaşamalıdır. Məsələn, müxtəlif institutlara, humanitar sahələrə ayrılıqda müəyyən yardım göstərilməlidir. Ancaq bir cəhət var. Mən çox istərdim ki, müəyyən müəssisələrə, xüsusən beyin mərkəzlərinə, informasiya banklarına, intellektual banklara təkcə dövlət tərəfindən yardım olmasın. Müxtəlif iri müəssisələr, böyük imkan sahibləri var. Həmin sahibkarların gəlirlərinin bir hissəsinin elmin inkişafına yönəldilməsinə yardım etmək lazımdır. Bunun üçün onlar müəyyən qədər vergidən azad olmalıdırlar ki, öz pullarını məhz bu istiqamətə ötürsünlər. Çox tez-tez mesenat institutundan danışırıq. Ancaq mesenat Azərbaycanda formalaşmır. Yəni o, vergilərdən azad olarsa, qorxmadan xeyriyyəçiliyə meyl edər.
Mədəniyyət sahəsinə də toxunmaq istərdim. Vaxt gedir deyə, sürətlə danışıram. Məsələn, Lujkov Moskvada nə edib? Moskva teatrlarının fəaliyyətini gücləndirmək üçün o, sahibkarlara müraciət edib. Onlar da yardım göstərirlər. Mənə elə gəlir ki, bu gün Azərbaycan sahibkarlığı elmə, təhsilə, gənclərin xaricdə təhsil almasına yardım edə bilər. Bunun isə, sözsüz, hüquqi bazası olmalıdır. Mən çox istərdim ki, həmin istedadlı gənclərimizə yiyə dursunlar. Yəni onlar pis yaşamasınlar. Xaricdə oxuyub qayıtdıqdan sonra onları dövlət idarəçilik sistemində yerləşdirməyə imkanımız olmalıdır. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bəxtiyar Sadıqov.
B. Sadıqov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli qonaqlar, əziz həmkarlarım! Artıq üçüncü gündür ki, 2007-ci ilin dövlət büdcəsinin qızğın müzakirəsi gedir. Müzakirələrin gedişində bir sıra qiymətli fikirlər səslənmiş, dəyərli təkliflər irəli sürülmüş, müəyyən iradlar söylənmişdir. Fikir müxtəlifliyinə baxmayaraq, hamı bir məsələdə eyni mövqedədir. Növbəti ilin dövlət büdcəsi Azərbaycan dövlətinin inkişafında, Azərbaycan xalqının rifah halının yaxşılaşdırılmasında irəliyə doğru mühüm addımdır. Əslində bu irəliləyişi hər bir azərbaycanlı öz həyatında zaman-zaman açıq-aydın hiss edir. Hər il əmək haqqı, pensiya və müavinətlər, bütövlükdə insanların gəlirləri artır. Dövlətin bu istiqamətdə gördüyü tədbirlər, atdığı addımlar bir-birini əvəz edir. Bu gün dünyanın ən qabaqcıl ölkələrinin parlamentləri ilə müqayisədə onlardan nəinki geri qalmayan, hətta bəzilərini üstələyən parlament zalında oturan deputatlar da bu yeniləşmədən və inkişafdan bəhrələnirlər. Bizə yaradılan şəraitə görə möhtərəm Prezidentimiz cənab İlham Əliyevə və təmir işinin ağırlığını çiyinlərində daşımış hörmətli Sədrimiz Oqtay Əsədova dərin təşəkkür və minnətdarlığımızı bildiririk.
Büdcəmiz ilbəil artır, quruculuq işlərinə daha çox vəsait ayrılır, Azərbaycan vətəndaşlarının ehtiyacları daha dolğun ödənilir. Bu o deməkdir ki, ölkədə düzgün istiqamətdə siyasət aparılır. Azərbaycan xalqı və iqtidarı ümummilli liderimiz Heydər Əliyev ideyalarına, onun qoyduğu yola sadiqdir. Nə qədər ki biz bu yolla gedirik, daim dövlət büdcəsi artacaq, qarşıdakı vəzifələri uğurla yerinə yetirəcəyik. Büdcənin inkişafı, artımı həm də o deməkdir ki, dövlət nəzərdə tutduğu vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcəkdir. İqtisadi siyasətimizin daha önəmli cəhəti var. Həyatımızın bütün sahələri konkret plan və proqram əsasında inkişaf etdirilir. Bu o deməkdir ki, hər şey düşünülür, elmi cəhətdən əsaslandırılır.
İndiyə qədər 30-dan çox dövlət proqramı və tədbirlər proqramı hazırlanmış, Prezidentimiz tərəfindən imzalanmış və uğurla həyata keçirilməkdədir. Mən həmin dövlət proqramları içərisində Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramını xüsusi qeyd etmək istəyirəm. Onun uğurları hər bir rayonun, bütövlükdə isə Azərbaycanın inkişafına böyük töhfələr verməkdədir. Dövlət ən çox qayğıya və köməyə möhtac olan təbəqəni – qaçqınları və məcburi köçkünləri də unutmur. Bununla bağlı bütün qurumlar öz köməkliyini göstərməkdədirlər. Qaçqın və məcburi köçkünlərin problemlərinin həlli, sosial vəziyyətlərinin yaxşılaşdırılmasının hüquqi bazasının yaradılması məqsədi ilə indiyə qədər ölkə Prezidenti tərəfindən 45 fərman və sərəncam imzalanmış, Milli Məclis 23 qanun, Nazirlər Kabineti 202 qərar və sərəncam qəbul etmişdir. Təkcə son üç ildə Prezident tərəfindən 12 fərman və sərəncam imzalanmış, Milli Məclis tərəfindən bir qanun qəbul edilmiş, Nazirlər Kabinetində isə 39 qərar və sərəncam verilmişdir. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 1 iyul 2004-cü il tarixdə Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı təsdiq edilmişdir. Ümumilikdə, dövlət proqramında minlərlə məcburi köçkünün həyat şəraitinin yaxşılaşdırılması, o cümlədən 21 min 354 ailənin yeni qəsəbəyə köçürülməsi, 30 min iş yerinin yaradılması nəzərdə tutulmuşdur. Növbəti ildə bu istiqamətdə xeyli işlər görüləcəkdir.
Mən iki arzumu bildirməklə sözümü yekunlaşdırmaq istəyirəm. Birincisi, Quzanlı Ağdamın qeyri-rəsmi mərkəzi olubdur. Bununla bağlı ona qəsəbə statusu verilməsi barədə arzular var və cənab Prezident buna razılığını bildirib. Mən arzu edərdim ki, bu məsələ sürətləndirilsin. Lazım gələrsə, ona vəsait ayrılsın. İkincisi, sərhəd kəndləri düşmən ilə üzbəüz olan Ağdamın qazlaşdırılması başa çatdırılsın və növbəti büdcədən vəsait ayrılsın. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Əhəd Əhmədov.
Ə. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Məruzələrdən göründüyü kimi, ölkə iqtisadiyyatı gündən-günə inkişaf edir. İqtisadiyyat inkişaf etdikcə əhalinin gəlirləri artır, onların sosial rifah halı yaxşılaşır. Sirr deyil ki, son illərdə ayrı-ayrı sahələrə büdcədən ayırmalar ötən illərə nisbətən bir neçə dəfə artırılmışdır. Bu da təqdirəlayiq haldır.
Əhalinin sovet dövründə banklara qoyduğu əmanətlər haqqında mən də öz fikrimi bildirmək istərdim. Məlum olduğu kimi, sovet hökuməti dağıldıqdan sonra digər borclarla yanaşı, əhalinin əmanət banklarında olan borclarını da geri qaytarmaq mümkün olmamışdır. Ona görə də bu məsələ ətrafında uzun müddətdir ki, müzakirələr aparılır. Mən hesab edirəm ki, əmanət bankına qoyulan pulların əksəriyyəti sovet dövründə keçmiş zavod direktorları, birinci katiblər və digər vəzifəli şəxslər tərəfindən ayrı-ayrı adamların adlarına qoyulub və qeyri-qanuni yolla əldə edilib. Bu pulların əksəriyyəti çirkli pullardan ibarətdir. Dolayısı ilə bu pullar zəhmətkeşlərin, fəhlə və qulluqçuların pulları idi. Mən demirəm ki, əmanət bankında fəhlə və qulluqçuların pulları olmayıb. Olub, lakin bu, cüzi bir məbləğ təşkil edir. Məsələ burasındadır ki, əmanətlərin qaytarılması ilə bağlı ən çox hay-küy salanlar da fəhlə və qulluqçular deyil, elə həmin vəzifəli şəxslərin özləridir. Bu nöqteyi-nəzərdən mən həmin pulların qaytarılmasını sovet hökumətinin öhdəliyi hesab edirəm və bu məsələdə tələskənliyə yol verilməsinin əleyhinəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Təqdim olunan sənəd Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasında da geniş müzakirə olunmuş, yekdilliklə bəyənilmiş və qəbul ounmaq üçün tövsiyə olunmuşdur. Bu büdcəni əvvəllər tərtib olumuş büdcədən fərqləndirən çox ciddi cəhətlər var. Mən istərdim ki, bu haqda bir qədər danışım. Birinci növbədə təqdim olunan sənəd mövcud iqtisadi vəziyyətin tam elmi təhlilinə əsaslanıb və Azərbaycan iqtisadiyyatının yaxın illər üçün inkişaf meyilləri nəzərə alınıb. Hesab edirəm ki, büdcənin məhz elmi əsaslara söykənməsi, eyni zamanda, beynəlxalq təcrübədən istifadə olunması mövcud sənədin ən fərqli xüsusiyyətlərindən biri kimi nəzərə çatdırılmalıdır. Bununla belə üç məsələyə diqqət yetirməyinizi istərdim.
Birincisi büdcə proqnozları ilə faktiki sənəd arasında fərqin çox olmasıdır. Burada 24-25 faizə qədər fərq var. Bunun nəticəsində də ilk baxışdan başa düşülmür ki, nəyə görə Azərbaycan büdcəsi bu il büdcə kəsiri ilə təqdim olunub və bu rəqəm 1,7 faizdir. 2001, 2002, 2003, 2004-cü illərdə Azərbaycan iqtisadiyyatı zəif templə xarakterizə olunub və həmin dövrdə büdcə kəsiri 0,4, 0,2, 0,1 faiz olub. Amma Azərbaycan iqtisadiyyatının bu dərəcədə inkişaf etdiyi, artım tempinin yüksək olduğu indiki şəraitdə büdcənin kəsirlə götürülməsi bir qədər anlaşılmazlıq yaradır.
Komissiyanın sədri hörmətli Ziyad müəllim dünən bu fakta izahat verərkən göstərdi ki, büdcə kəsiri müəyyən mənada iqtisadi fəallığı yüksəldir, stimullaşdırır. Əlbəttə, bu faktı inkar etmək olmaz. Büdcə kəsiri müəyyən mənada təsir gücünə malikdir. Bu, iki istiqamətdə, yəni həm fiskal siyasətlə, həm də dövlət xərclərinin artırılması, yaxud azalması yolu ilə müəyyən təsir göstərir. Lakin nəzərə almaq lazımdır ki, büdcə kəsirinin özü ya açıq formada, ya da müəyyən mənada gizli şəkildə inflyasiya yaradan, inflyasiyanı qaynaqlandıran amil kimi çıxış edir. Hesab edirəm ki, belə bir şəraitdə profisitli büdcənin qəbul olunması, tamamilə başa düşülən olardı. Nəzərə alsaq ki, hazırda ölkəmizdə çox səmərəli pul-kredit siyasəti həyata keçirilir və aparılan bu siyasət inflyasiyanı da cilovlamağa imkan yarada bilər.
İkinci məsələ Azərbaycanı yaxın gələcəkdə gözləyən irihəcmli gəlirlərin düzgün yerləşdirilməsi ilə bağlıdır. Bu mənada istərdim ki, Azərbaycan iqtisadiyyatının transmilliləşməsi məsələsinə ciddi fikir verilsin. Artıq Azərbaycanın kreditor ölkədən debitor ölkəyə keçməsi üçün çox əlverişli imkanlar yaradılıb. Buna görə də transmilli şirkətlərin yaradılması və Azərbaycan iqtisadiyyatının öz hüquqlarından kənara çıxması üçün əlverişli imkan yaradılmışdır. Bu barədə gələcəkdə düşünmək lazımdır. Oqtay müəllim, imkan yaradın, bir məsələni də deyim.
Sədrlik edən. Xahiş edirəm, onu yazılı surətdə verin. Rüstəm Xəlilov.
R. Xəlilov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli nazirlər! Üç gündür ki, dövlət büdcəsi haqqında müzakirələr gedir, deputat həmkarlarım öz fikirlərini bölüşürlər. Bu gün mən də dövlət büdcəsi haqqında, daha doğrusu, bələdiyyələrə və kənd təsərrüfatına ayrılan vəsaitlə bağlı öz fikrimi bildirmək istəyirəm. 2007-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsi bir daha onu göstərir ki, Azərbaycanda sürətli iqtisadi artım tempi uğurla davam edir. Büdcənin həm gəlir, həm də xərclərinin əsas istiqamətləri üzrə proqnoz göstəriciləri ilə, əsasən, razılaşmaq olar. Xüsusilə, müdafiə xərclərinin, investisiya qoyuluşunun artırılmasını olduqca müsbət hal hesab etmək olar.
Lakin mən yerli bələdiyyə büdcəsinə verilən dotasiyanın həcminin 3 milyon manat miqdarında müəyyənləşməsini məqbul hesab etmirəm. Bildiyimiz kimi, bələdiyyə yerli özünü idarəetmə təsisatı kimi indi formalaşır. Onun möhkəmlənməsi, nüfuz qazanması, ayrı-ayrı məsələləri həll etməsi üçün büdcəsindəki vəsait çatmır. Odur ki, dövlət büdcəsi indiki halda bələdiyyələrin büdcəsinin daha işlək olmasına, real tədbirləri həyata keçirə bilməsinə kömək etməlidir. Nəzərə almaq lazımdır ki, bələdiyyə seçkilərindən sonra onun yeni tərkibi xeyli çətinliklərlə üzləşir. Respublikada 2700-ə yaxın bələdiyyə fəaliyyət göstərir. Bələdiyyələrə 3 milyon manat dotasiya nəzərdə tutulması, hər bələdiyyəyə 1000-1100 manat vəsait verilməsi deməkdir. Bunu necə adlandırırıqsa, adlandıraq, hər halda bu da bir köməkdir. Ya heç dotasiya verilməsin, ya da normal bir məbləğ ayrılsın. Bu həm də yerli icmaların inkişafına, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrasına real kömək ola bilər.
Kənd təsərrüfatı ilə əlaqədar demək istəyirəm ki, son üç ildə möhtərəm Prezident cənab İlham Əliyev aqrar sektorun inkişafına, kənd təsərrüfatına dair 10-a yaxın sərəncam və fərman imzalayıb. Qeyri-neft sektoru kimi aqrar sektorun inkişafına Prezident hər cür qayğı göstərir. 2007-ci ilin büdcəsində kənd təsərrüfatının, meşə və balıqçılıq təsərrüfatının xərclərinin 2006-cı ilə nisbətən 53,8 faiz artması da bunu göstərir. Lakin bir kənd təsərrüfatı mütəxəssisi, rayondan deputat seçilmiş şəxs kimi deyə bilərəm ki, aqrar sektorun inkişafını büdcə lazımınca təmin edə, bu sahədə möhtərəm Prezidentimizin həyata keçirdiyi tədbirlərə öz töhfəsini verə bilmir. 2007-ci il üçün ölkənin makroiqtisadi göstəricilərində kənd təsərrüfatının real artım tempi 10 faiz proqnozlaşdırılır. Lakin bu büdcə həmin artımı təmin edə bilərmi? 2004-cü ilə nisbətən kənd təsərrüfatı məhsulları istehsalının 2008-ci ildə 2 dəfə, 2010-cu ildə isə təqribən 3 dəfə artırılması nəzərdə tutulur. Onun hansı resurslarla artacağına təminat verməliyik. Əks halda ayrılan vəsaitlərin özü belə səmərəsiz xərclərə çevrilə bilər. 2004 və 2005-ci illərin rəqəmlərində bunu görmək çətin deyil. Mən büdcəni bütövlükdə məqbul hesab edirəm və buna səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fərrux Zeynalov.
F. Zeynalov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də 2007-ci ilin dövlət büdcəsi ilə bağlı sənədləri yüksək peşəkarlıqla hazırladığına görə Maliyyə Nazirliyinə və onun müzakirəsi üçün bizə lazımi şərait və imkan yaratdığına görə Milli Məclisin rəhbərliyinə təşəkkürümü bildirirəm.
Büdcə layihəsinin təhlili göstərir ki, ölkədə aparılan büdcə siyasətinin ana xətti - sosialyönümlü olması 2007-ci ildə də davam etdiriləcək. 2006-cı illə müqayisədə sosial sahələrə yönəldilən xərclər 47 faiz artıb. Bu, sosial siyasətin, sabitliyin əsasıdır, aztəminatlı təbəqəyə qayğıdır. Mən rəqəmlər üzərində çox dayanmaq istəmirəm, hörmətli deputatlar bu haqda kifayət qədər danışdılar. Sevindirici haldır ki, büdcənin formalaşmasında vergilərin rolu artır. Belə müsbət göstərici iqtisadiyyatda gedən müsbət meyllərin nəticəsidir.
Son illərdə möhtərəm cənab Prezidentin məlum fərmanları, qeyri-neft sektorunun inkişafı, ölkədə kiçik və orta sahibkarlığa dövlət qayğısı nəticəsində sahibkarlıq inkişaf edir, müəssisələr yaradılır, yeni iş yerləri açılır. Bir sözlə, aparılan məqsədyönlü, uğurlu siyasət öz bəhrəsini verir. Əlbəttə, xalqımızın daha yaxşı yaşamağa haqqı var. Hər bir ölkənin gücü, qüdrəti insanlarının yaşayış səviyyəsi ilə ölçülür. Bu baxımdan büdcə nə qədər artıb inkişaf etsə də, azlıq edəcəkdir. 2007-ci il üçün təqdim olunan büdcə yaranmış mövcud problemlərin tam həlli üçün yetərli olmasa da, büdcənin keçmişinə, tarixinə, qısa müddət ərzində sürətli artımına nəzər salanda mən təqdim olunan layihəni yüksək qiymətləndirirəm və məmnuniyyətlə ona səs verəcəyəm.
Büdcə artımı ölkədə aparılan uğurlu iqtisadi siyasətin nəticəsidir. Büdcə sosial-iqtisadi inkişafın mənbəyi olmaqla bərabər, büdcə təşkilatlarında çalışanların, təqaüdçülərin, əlillərin, gənclərin, kimsəsizlərin ümid yeridir. Ona görə də ən əsası budur ki, büdcənin icrasına ciddi nəzarət yaradılsın. Millət vəkillərinin, hökumət üzvlərinin fəal iştirakı ilə müzakirəsi keçirilən 2007-ci ilin büdcəsi uğurlu, şəffaf, toxunulmaz olsun. Ümidvarıq ki, Maliyyə Nazirliyinin rəhbərliyi bu mühüm məsələyə nəzarəti gücləndirəcəkdir. Məni də bir çox həmkarlarım kimi monopoliyanın yaratdığı gərginlik, günü-gündən qiymətlərin artması, orta əmək haqqının bazara uyğunsuzluğu narahat edir. Yəqin ki, bu məsələnin həllində dövlət rəsmiləri öz səylərini əsirgəməyəcəklər.
Hörmətli Oqtay müəllim, çıxışımın sonunda mən bir məsələni xatırlatmaq istəyirəm. 2006-cı ilin əvvəlində möhtərəm Prezident 2006-2007-ci illər üçün Bakı şəhərinin kənd və qəsəbələrinin sosial-iqtisadi inkişafı ilə bağlı fərman imzalayıb. Fərmanda səhiyyə, təhsil, mədəniyyət, idman obyektlərinin tikintisi və təmiri, yeni iş yerlərinin yaradılması, qaz, su, elektrik sahələrində quruculuq işləri, asfalt yolların salınması və digər işlər nəzərdə tutulmuşdur. 2006-cı il üçün nəzərdə tutulan həmin işlərin bu günə kimi çox cüzi bir hissəsi öz həllini tapmışdır. Verilən göstərişlər, əsasən, Təhsil Nazirliyi tərəfindən həyata keçirilmişdir. Bakının kənd və qəsəbələri üçün çox önəmli olan bu fərmanın vaxtında yerinə yetirilməməsinin səbəbini müvafiq nazirlik və təşkilatlar (mən onların adlarını çəkmirəm), maliyyə çətinlikləri ilə bağlayırlar. Mən çox xahiş edirəm, əgər mümkünsə, hörmətli maliyyə naziri bu məsələyə aydınlıq gətirsin. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, mən hesab edirəm ki, 2007-ci ilin büdcə layihəsini biz çox ətraflı müzakirə etdik. Müzakirədə 68 millət vəkili çıxış etdi. Büdcə zərfinə daxil olan digər sənədlər var, onları da müzakirə etməliyik.
Hesab edirəm ki, tərtib olunmuş büdcəyə millət vəkilləri yüksək qiymət verdilər. Bununla yanaşı, millət vəkillərinin irad və təklifləri də oldu. Hesab edirəm ki, maliyyə naziri, hökumət üzvləri həmin təklif və iradlar üzərində işləyəcəklər. Bu məsələ cənab Prezidentə məruzə olunacaq və gələn iclaslarımızda biz büdcənin təsdiqinə baxacağıq. İndi isə gəlin, burada qaldırılan məsələləri cavablandırmaq üçün bir daha sözü maliyyə naziri Samir Şərifova verək. Buyurun, Samir müəllim.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Çox sağ olun, hörmətli cənab Sədr. Hörmətli millət vəkilləri, bir daha qeyd etmək istərdim ki, 2007-ci ilin büdcə layihəsi ilə bağlı bu gün də Milli Məclisdə çox faydalı, səmərəli müzakirələr gedir. Hesab edirəm ki, hörmətli millət vəkilləri tərəfindən çox vacib məsələlər qaldırılır və bununla əlaqədar istərdim, bəzi əlavə məlumatları onların nəzərinə çatdıram.
Bir neçə hörmətli millət vəkili Azərbaycanın xaricdəki səfirliklərinin təminatı və eyni zamanda, məvaciblərin ABŞ dolları ilə verilməsi məsələsinə toxundu. Millət vəkili Asəf Hacıyev bu məsələyə toxundu. Qeyd etmək istəyirəm ki, 2006-cı il üçün büdcənin dürüstləşməsinin müzakirəsində bu məsələ qaldırılmışdı və 2007-ci ilin dövlət büdcəsində müvafiq vəsaitlər nəzərdə tutulub. Artıq bizim səfirliklərimizin əməkdaşlarının məvaciblərinin dörd əsas valyuta ilə, yəni ABŞ dolları, avro, ingilis funt-sterlinqi və yapon iyeni ilə verilməsi nəzərdə tutulur. Bunun əsas mahiyyəti ondan ibarətdir ki, artıq bizim diplomatik işçilərimiz bu mübadilə məzənnəsinin risklərini öz üzərinə götürməyəcəklər. Bunu artıq hökumət öz üzərinə götürəcəkdir. Bununla əlaqədar büdcədə yetərincə vəsait nəzərdə tutulmuşdur.
Burada qeyd olundu ki, Azərbaycan həqiqətlərinin təbliğ edilməsi, ideoloji müharibənin aparılması üçün lazımi vəsait ayrılmır. Hər il bu məqsədlərə ayrılan vəsaitin həcmi artırılır. Təkcə lobbiçilik və diasporun fəaliyyəti ilə bağlı gələn il 2,5 milyon manat vəsaitin ayrılması nəzərdə tutulur. Siz bilirsiniz ki, bu, yalnız tədbirlərin həyata keçirilməsi üçün nəzərdə tutulmuş vəsaitlərdir. Xaricdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti tam şəkildə dövlət büdcəsindən maliyyələşdirilir. Hörmətli cənab Sədrin dediyini tam dəstəkləmək istəyirəm. Yəni əksər hallarda Azərbaycana təcavüz edən dövlətin diasporu əks istiqamətdə fəaliyyət göstərir. Yəqin ki, biz də bunu nəzərə almalıyıq. Eyni zamanda, demək istəyirəm ki, ölkə başçısı tərəfindən bizim diasporumuzun təşkil olunması və fəaliyyəti üçün vəsait ildən-ilə artırılır.
Deputatlar bir neçə məsələyə də toxundular. Sabir Rüstəmxanlı, Məlahət Həsənova, Gülər Əhmədova, Qənirə Paşayeva Qarabağ müharibəsi ilə bağlı filmlərin azlığı barədə iradlarını söylədilər. Bildirdilər ki, Azərbaycan həqiqətləri barədə təbliğat filmlərinin çəkilişi çox vacibdir. Mən bu fikirlərlə tam razıyam. Hesab edirəm ki, bu işlər gücləndirilməlidir. Yalnız onu deyə bilərəm ki, 3-4 il əvvəl filmlərin çəkilişi üçün hökumət tərəfindən 400 min manat məbləğində vəsait ayrılırdısa, hazırda bu rəqəm artıq 5 dəfə artırılıb. 2007-ci ilin büdcəsində Mədəniyyət və Turizm Nazirliyinə bu məqsədlər üçün 2,3 milyon manat vəsait ayrılmışdır. Amma bunların bölgüsünü nazirlik özü aparır. Məndə olan məlumata görə nazirliyin tərkibində müvafiq komissiya fəaliyyət göstərir. Həmin komissiya vəsaitlərin bölgüsü və filmlərin çəkilişi məsələsini həll edir. Hesab edirəm ki, bu məsələlərə biz bir daha baxa bilərik. Lakin yaxşı olardı ki, Milli Məclisin deputatları, Mədəniyyət və Turizm Nazirliyi, bizim ziyalılarımız birlikdə həmin məsələyə baxsınlar və hər hansı bir məsələnin həlli üçün konseptual əsasları bizə təqdim etsinlər.
Burada yenə də gənclər siyasəti ilə bağlı məsələyə toxunuldu. Mən bununla bağlı dünən fikirlərimi söylədim. Bu gün yenə də fikirlərimi bildirmək istərdim. Hesab edirəm ki, 1,7 milyon vəsaitin gənclərə aid olması ilə bağlı burada bir neçə deputat öz fikrini söylədi. Bildirdilər ki, gənclər Azərbaycan əhalisinin 65 faizini təşkil edir. Yəni yaşı 35-dək olanlar əhalinin 65 faizini təşkil edir və 1,7 milyon manat əhalinin 65 faizi üçün çox azdır. Məsələnin qoyuluşu düzgün deyil. Çünki gənclər üçün kifayət qədər vəsait ayrılır. 1,7 milyon manat vəsait isə yalnız Mədəniyyət və Turizm Nazirliyinə müvafiq tədbirlər həyata keçirmək üçün ayrılır. Heç də əhali kateqoriyasına ayrılan vəsaitləri əks etdirmir. Ona görə də xahiş edirəm, bu məsələyə biz düzgün yanaşaq.
20 Yanvar şəhidlərinə verilən müavinətlərlə Qarabağ şəhidlərinə verilən müavinətlər arasındakı fərqlə bağlı çox vacib məsələ qaldırıldı. Hesab edirəm ki, məsələnin qoyuluşu əsaslıdır. Yəqin ki, biz bu məsələyə yenidən baxmalıyıq. Doğrudan da, hazırda bu fərq böyükdür. 20 Yanvar şəhidlərinə ayrılan müavinətin məbləği ailə üzrə 300 manatdır. Amma şəhid ailələrinə ayrılan müavinətin məbləği hazırda ailə üzvünə görə 12 manat təşkil edir. Müavinətlərin artırılması istiqamətində hökumət tərəfindən əlavə tədbirlər görülməlidir. Biz bunları nəzərdən keçirəcəyik. Bununla bağlı bir neçə deputat, o cümlədən Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli öz fikrini bildirdi. Bu məsələni nəzərə almışıq və müvafiq addımlar atılacaqdır.
Digər məsələ bələdiyyələrə ayrılan vəsaitlərin artırılması barədədir. Hörmətli Arif Rəhimzadə və bir neçə digər deputat bu məsələni qaldırdı. Arif müəllim öz çıxışında da etiraf etdi ki, mövcud qanunvericiliyə görə bələdiyyələr fiziki şəxslərdən torpaq və əmlak vergilərini, habelə yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisini toplamaq hüququna malikdirlər. Bələdiyyə mülkiyyətində olan müəssisələrin mənfəət vergisi də bələdiyyələrin gəlirlərinə aid edilir. Mövcud qanunvericilikdə bələdiyyələr üçün gəlir mənbəyi müəyyən edilmişdir. Buna baxmayaraq, dövlət tərəfindən də bələdiyyələrin fəaliyyətinin təşkil olunması üçün dotasiya ayrılıb. Keçən il də bu rəqəm 3 milyon manat idi, cari ildə də 3 milyon manat təşkil edir, növbəti il üçün də eyni məbləğ müəyyənləşdirilmişdir. Biz bu məsələlərə ayrı-ayrılıqda baxmalıyıq.
Xatırlatmaq istəyirəm ki, bir neçə deputat müzakirələrdə əmlak vergisi məsələsinə toxundular. Qeyd olundu ki, bəzi şəxslərin çoxlu əmlakı var. Onlar həmin əmlakdan səmərəli istifadə etmirlər. Yəqin ki, həmin şəxsləri biz əlavə əmlak vergisinə cəlb etməliyik. Məhz bu növ vergiləri bələdiyyələr toplamalıdırlar. Ona görə də biz bu məsələyə baxmalıyıq. Eyni zamanda, Arif müəllim tərəfindən qaldırılan məsələ də əsaslıdır. Amma hansı mexanizmin işlənib hazırlanması əlavə müzakirələrin mövzusu ola bilər.
Deputat Hadi Rəcəbli vergilərin artımı ilə maraqlandı və bildirdi ki, vergilər növbəti ilin büdcəsində təxminən 50 faiz artırılıb. Bəli, biz onu burada qeyd etmişik. Yəni biz vergi orqanları qarşısında gərgin, eyni zamanda, tam real vəzifə qoyuruq. Hesab edirəm ki, ölkə qarşısında duran vəzifələrin həyata keçirilməsi üçün bizə ilk növbədə büdcə gəlirləri lazımdır. Büdcə gəlirləri təmin olunmasa, aydın məsələdir ki, mütənasib şəkildə xərclərin həyata keçirilməsi mümkün olmayacaqdır. Ona görə də hesab edirəm ki, biz ildən-ilə vergi yığımlarını artırmalıyıq və bunun üçün tam əsas var. Çünki ümumi daxili məhsul artır və bu, təkcə neft sektoruna aid deyil. Biz neft sektorundan da xeyli mənfəət vergisi gözləyirik. Eyni zamanda, bu, qeyri-neft sektoruna da aiddir. Qeyri-neft sektorunun artımı növbəti ildə 9 faiz səviyyəsində gözlənilir. Bu da Vergilər Nazirliyi üçün əlavə imkanlar yaradır ki, onlar vergi yığımlarını artırsınlar.
Elmin maliyyələşdirilməsi məsələsinə mən yenə toxunmaq istərdim. Burada bir neçə millət vəkili, o cümlədən deputatlar Asəf Hacıyev, Bahar Muradova, Vidadi Məmmədov bildirdilər ki, biz də digər ölkələrdəki kimi qrant proqramlarının tətbiqinə keçməliyik. Mən bu fikirlə tam razıyam, bunu dəstəkləyirəm. Bu da müəyyən bir mexanizmdir və bu mexanizmin tezliklə həyata keçirilməsinə həm hökumət, həm də Milli Məclisdə təmsil olunan ziyalılarımız, elm xadimləri öz töhfələrini verə bilərlər. Qrantlar vasitəsi ilə müəyyən elmi istiqamətlərin, elmi tədqiqatların təşviq edilməsi məsələsi tamamilə düzgün qoyulub. Hökumət, yəni Maliyyə Nazirliyi bu məsələdə lazımi dəstək verməyə hazırdır.
Burada uşaq pulunun ödənişi məsələsinə toxunuldu. Deyildi ki, bir çox rayonlarda bunu narazılıqla qarşılayırlar. Mən buna aydınlıq gətirmək istəyirəm. Bu dəyişiklik ilk növbədə “Ünvanlı sosial yardım haqqında” Azərbaycan Respublikası Qanununun icrası ilə bağlıdır. Bildiyiniz kimi, 2006-cı il iyunun 1-dən bu qanunun tətbiqinə başlanılmışdır. Nəzərdə tutulub ki, bütün növ müavinətlər ünvanlı sosial yardımla əvəzlənsin. Bununla yanaşı, həmin uşaq müavinətləri çox cüzi miqdarda verilirdi. Faktiki olaraq, qanunun qəbul edilməsindən əvvəl bu müavinət ayda 1,8-3,3 manat səviyyəsində müəyyənləşdirilmişdi. Hesab edirəm ki, indiki “Ünvanlı sosial yardım haqqında” Qanun ailələrə daha çox vəsait əldə etmək imkanı yaradacaqdır. Tələbələrin təqaüdləri ilə bağlı mən dünən öz fikirlərimi bildirmişdim. Bu il vəsait ayrılıb. Xaricdə, o cümlədən Türkiyədə oxuyan tələbələrin təqaüdlərini 50 faiz, Ukrayna və Rusiyada oxuyan tələbələrin təqaüdlərini 25 faiz artırmaq nəzərdə tutulub.
Hörmətli deputat Əli Əhmədov pensiyaların artırılması məsələsinə toxundu. Bununla bağlı bildirmək istəyirəm ki, “Əmək pensiyaları haqqında” və “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq pensiya islahatlarına başlanmışdır. Sosial sığorta və sosial yardım proqramları üzrə maliyyələşən xərclər bir-birindən ayrılmışdır. Zənnimcə, Dövlət Sosial Müdafiə Fondunun büdcəsinin müzakirəsi zamanı biz bu məsələləri daha ətraflı müzakirə edə bilərik. Amma onu bildirmək istəyirəm ki, 2007-ci ildə, sözün əsl mənasında, biz Sosial Müdafiə Fonduna böyük həcmdə vəsait ayırmışıq. Mən qeyd etmişdim ki, Sosial Müdafiə Fondunun büdcəsi 920 milyon manat vəsait təşkil edəcək. Təkcə dövlət büdcəsindən fonda 520 milyon manat vəsait transfer olunacaqdır. Pensiya islahatlarının aparılması çox vacib bir məsələdir. Burada bir neçə çıxışda, o cümlədən gələcək nəsillərə öhdəliklərin qoyulması məsələsinə toxunuldu. Ona görə də biz gələcək nəsillərin üzərinə maliyyə yükünün qoyulmaması, pensiya sistemində maliyyə sabitliyinin və dayanıqlığının təmin edilməsi, beynəlxalq standartlara cavab verən pensiya sisteminin yaradılması üzərində işləməliyik.
Deputat Gülər Əhmədova latın qrafikası ilə kitab çapına ayrılan vəsait barədə məsələ qaldırdı. Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə 2004-cü ildən başlayaraq dövlət büdcəsindən Milli Elmlər Akademiyasına latın qrafikalı kitabların nəşri üçün 12,6 milyon manat vəsait ayrılmışdı. Ümumilikdə 6 minə yaxın tirajla lüğət və ensiklopediya, Azərbaycan xalq ədəbiyyatı, klassik və müasir Azərbaycan və dünya ədəbiyyatı incilərinin latın qrafikası ilə kütləvi nəşri həyata keçirilmiş, respublikanın 10 minə yaxın kitabxanasına çatdırılmışdır. 2007-ci ilin büdcəsində isə bu məqsədlər üçün vəsait nəzərdə tutulmamışdır. Lakin müvafiq nazirliklərin büdcələrinə bu fəaliyyətin maliyyələşdirilməsi üçün vəsait ayrılmışdır. Artıq nazirliklər müəyyən kommersiya qurumlarına latın qrafikası ilə kitabların çap olunmasını sifariş etmişlər.
Bildirməliyəm ki, ümumtəhsil məktəblərinin şagirdlərini pulsuz dərsliklərlə təmin etmək məqsədi ilə 2007-ci ilin büdcə layihəsində kitab çapına 7 milyon manat vəsaitin ayrılması planlaşdırılır. Bu isə 2006-cı illə müqayisədə 1 milyon manat çoxdur. Hörmətli Ziyad Səmədzadə iqtisadi mövzuda kitabların çapına da xüsusi diqqət yetirilməsi məsələsini qaldırdı. Hesab edirəm ki, məsələnin qoyuluşu tamamilə düzgündür və biz hansısa mexanizm tapıb, bunun maliyyələşməsini təmin edəcəyik.
Deputat Zahid Orucov hərbçilərin dəfni ilə bağlı ayrılan vəsaitin azlığına toxundu. Bununla bağlı mən qısaca arayış vermək istəyirəm. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq və “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikasının Qanununun 54-cü maddəsinə əsasən pensiyaçı vəfat etdikdə onun ailəsinə 3 aylıq pensiya məbləğində müavinət verilir. Pensiyaçı olmayan sosial müavinət alanlara, sığorta olanlara və onların ailə üzvlərinə “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 24 fevral 2006-cı il tarixli fərmanı ilə dəfn üçün verilən birdəfəlik müavinətin məbləği 60 manat səviyyəsində müəyyənləşdirilmişdir. Bu müavinət hərbi qulluqçular üçün də eyni qaydada ödənilir. “Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq hərbi qulluqda olan hərbi qulluqçulara dövlət icbari şəxsi sığortası şamil edilir. Hazırda bu məbləğ şərti maliyyə vahidinin min misli məbləğində müəyyən edilir. Bildirmək istəyirəm ki, Maliyyə Nazirliyi, Müdafiə Nazirliyi və digər hərbi orqanlar bu məsələni dəstəkləyib. Hərbi qulluqçuların icbari dövlət sığortası 10 min şərti maliyyə vahidi mislində müəyyənləşdiriləcəkdir. Hesab edirəm ki, bu, məsələnin həllinə xeyli yardım göstərəcəkdir.
Bir neçə deputat, o cümlədən Qənirə Paşayeva müharibə əlilləri üçün binaların tikilməsi ilə bağlı məsələ qaldırdı. 2006-cı ildə Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 46 şəhər və rayonda yaşayış evlərinin tikintisi aparılır. Bu məqsəd üçün 10 milyon manat vəsait ayrılıb. 2007-ci ildə 41 şəhər və rayon üzrə 11,3 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub. Eyni zamanda, 2007-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin xətti ilə Bakı şəhərində əlillər və şəhid ailələri üçün 81 mənzildən ibarət dörd yaşayış binasının tikintisinə ilkin olaraq 1 milyon manat vəsait ayrılacaqdır.
Hərbçilərin gəlir vergisi ilə bağlı hörmətli deputat Aynur Quliyeva məsələ qaldırdı. Növbəti ildən başlayaraq hərbçilərin yalnız vəzifə və rütbə maaşları gəlir vergisinə cəlb olunacaqdır. Amma yaxşı bilirsiniz ki, hərbçilərə müxtəlif növ müavinətlər və əlavələr ödənilir. Bu növ müavinət və əlavələr hər hansı bir gəlir vergisinə cəlb olunmayacaqdır.
Deputat Jalə Əliyeva Zərdab rayonunun yerli gəlirlərinin artımı ilə bağlı narahatlığını bildirmişdi. Onun fikrincə, 2007-ci ildə yerli gəlirin artımı çox yüksək səviyyədə nəzərdə tutulub. Yerli gəlirlərin artım səviyyəsi mövcud vəziyyətə əsaslanıb. Yalnız cari ilin 9 ayında Zərdab rayonu üzrə yerli gəlirin yığımı 124,7 faiz təşkil edib. Yəni rayonun vergiləri yığmaq üçün əlavə imkanları var. Biz qoyulan proqnoza nikbin yanaşırıq və onu real hesab edirik.
Deputatlar Zahid Orucov və Əli Məsimli ipoteka kreditləri məsələsinə toxundular. Milli Bankın İdarə Heyətinin sədri cənab Elman Rüstəmovun məruzəsində qeyd olundu ki, gələn il də ipoteka kreditlərinin verilməsinə hökumət tərəfindən xüsusi diqqət yetiriləcək. Ölkə Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Bu məqsədlə ölkə Prezidentinin tapşırığına uyğun olaraq mövcud ipoteka kreditlərinin verilməsi sisteminə xeyli dəyişikliklərin edilməsi nəzərdə tutulur. Hazırda təkliflər paketi hazırlanır və müzakirə olunur. Nəzərdə tutulur ki, ipoteka kreditlərinin verilməsi şərtləri xeyli yumşaldılsın. Yəni ilk növbədə ipoteka kreditləri üzrə faiz dərəcələri azaldılacaq, kreditlərin verilmə müddəti uzadılacaq, ilkin ödəniş məbləğləri azaldılacaq və s. Yəni kompleks tədbirlərin görülməsi nəzərdə tutulub. Deputat Əli Məsimli ipoteka kreditlərinin 50 milyon manata çatdırılması məsələsini qeyd etdi. Siz bilirsiniz ki, bu sistem təzəlikcə canlanır. Bu il dövlət büdcəsindən İpoteka Fonduna 20 milyon manat verilməsi nəzərdə tutulub. Biz bunu ilin sonuna qədər həyata keçirəcəyik. Gələn il də 20 milyon manatın İpoteka Fonduna verilməsi nəzərdə tutulub. Bununla da təxminən 46 milyon manat İpoteka Fondunun sərəncamında olacaq. Bu, ipoteka sisteminin inkişafı üçün xeyli təminat yaradır.
Hörmətli deputat Nizami Cəfərov incəsənətin, kino çəkilişi texnologiyasının, teatr və kino birliklərinin maliyyələşdirilməsi məsələsini qaldırdı. Hesab edirəm ki, məsələnin qoyuluşu düzgündür. Bu məsələlərə biz əlavə diqqət yetirməliyik. Bu da digər məsələlərlə uzlaşır.
Burada bir neçə deputat, o cümlədən Azay Quliyev qeyri-hökumət təşkilatlarının, deputat Bahar Muradova siyasi partiyaların fəaliyyətinin maliyyələşdirilməsi məsələsinə toxundular. Hesab edirəm ki, burada müəyyən qanunvericilik bazasının qəbul edilməsinə, eyni zamanda, müvafiq mexanizmin işlənib hazırlanmasına ehtiyac vardır. Biz onu da nəzərə almalıyıq ki, ölkədə qeyri-hökumət təşkilatlarının sayı çoxdur. Məncə, hazırda 500 qeyri-hökumət təşkilatı mövcuddur. Hesab edirəm ki, burada da bir mexanizm olmalıdır ki, biz bu vəsaitləri ayıranda hansısa əmsalları, hansısa meyarları nəzərə ala bilək. Bu istiqamətdə bizə həm qeyri-hökumət təşkilatları, həm də hörmətli millət vəkilləri kömək etməlidirlər.
Hörmətli deputat Rəbiyyət Aslanova elm və təhsil məsələlərinə, o cümlədən attestasiya keçirilməsi məsələsinə toxundu. Biz bu məsələni dəstəkləyirik. Bizə hər hansı bir mexanizm təqdim edildikdən sonra elmə daha çox vəsaitin ayrılmasını həyata keçirə bilərik.
Hörmətli Şəmsəddin Hacıyev büdcənin hazırlanması ilə bağlı bəzi məsələlər qaldırdı. Bunlar sırf iqtisadi məsələlərdir. Bunlara öz münasibətimi bildirmək istərdim. İlk növbədə büdcə kəsiri barədə demək istərdim. Bəli, dövlət büdcəsinin kəsiri nəzərdə tutulub. Amma nəzərə almalıyıq ki, biz həm dövlət büdcəsi layihəsini, həm də icmal büdcə layihəsini təqdim etmişik. Yəni Azərbaycanın reallığı ondan ibarətdir ki, hər il dövlət büdcəsinə Dövlət Neft Fondundan transferlər edilir. Siz bilirsiniz ki, Dövlət Neft Fonduna vəsaitlər ABŞ dolları ilə daxil olur. Onları büdcəyə daxil etməkdən ötrü biz həmin vəsaitləri Azərbaycan manatına çevirməliyik. Bu barədə Milli Bankın sədri Elman Rüstəmov məlumat verdi. O bildirdi ki, bazarda əlavə dollar təklifi mövcuddur. Aydın məsələdir ki, dollar təklifini sterilizə etmək üçün Milli Bank əlavə manatların emissiyasına gedir. Bu da özlüyündə müəyyən inflyasiya mənbəyinə çevrilir. Yəni büdcə kəsirinin bilavasitə inflyasiyaya təsir göstərmək imkanları Azərbaycan reallığına uyğun deyil. Biz hesab edirik ki, bu məsələ həm dövlət büdcəsinə, həm də icmal büdcəyə baxmaqla həll olunmalıdır. Ona görə “Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq dövlət büdcəsi Milli Məclis tərəfindən təsdiq olunarkən iki çox vacib göstərici də təsdiq olunur. Bunlar hansılardır? İcmal büdcənin xərclərinin yuxarı xətti və icmal büdcənin ümumdaxili məhsula nisbətən kəsiri. Bu əsas göstəricilər biz tərəfdən nəzərə alınır və maliyyə proqramlaşması onun əsasında qurulur. Transmilli şirkətlərin yaradılması təqdirəlayiq bir işdir. Amma bu, yəqin ki, yaxın gələcəyin işi deyil.
Bir neçə başqa məsələyə də toxunmaq istəyirəm. Hörmətli deputat Səməd Seyidov yenə də bizim xaricdəki səfirliklərimizin fəaliyyəti məsələsinə toxundu. Mən bir daha qeyd etmək istəyirəm ki, bu istiqamətdə işlər görülür. Ölkə Prezidentinin Azərbaycan Respublikasının xaricdəki səfirliklərinin və diplomatik nümayəndəliklərinin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün xüsusi tapşırığı var. Hər il bunun üçün dövlət büdcəsindən vəsait ayrılır.
Deputat Elmira Axundova və bir neçə millət vəkili su məsələsinin tənzimlənməsinə toxundular. Həm Masallıda, həm də Azərbaycanın başqa regionlarında içməli su ilə bağlı problemlərin olduğu vurğulandı. Ölkə Prezidentinin rəhbərliyi ilə 2006-cı ilin doqquz ayının yekunlarına həsr olunmuş müşavirədə içməli su məsələsinə xüsusi əhəmiyyət verilib. Bu məqsədlə xüsusi dövlət proqramının hazırlanması nəzərdə tutulur. Deyə bilərəm ki, 2006-cı ilin icmal büdcəsində Dövlət Neft Fondunun hesabına çox mühüm bir layihənin həyata keçirilməsi nəzərdə tutulur. Bu, Oğuz-Qəbələ su kəmərinin çəkilməsidir. Hesab edirəm ki, müəyyən hazırlıq işləri görülməlidir. “Azərsu” Səhmdar Cəmiyyəti bununla bağlı öz təkliflərini hökumətə təqdim etmişdir. Həm Bakı şəhərində, həm də ölkənin digər regionlarında içməli su probleminə münasibət köklü şəkildə dəyişəcək və bununla bağlı ciddi tədbirlər görüləcək.
Burada digər məsələlərə də toxunuldu. Amma hesab edirəm ki, mən əksər suallara cavab verməyə çalışdım. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, bəlkə də hansısa suala mən cavab vermədim, lazım gələrsə, iclasdan sonra onlara da cavab verə bilərəm. Bir daha çox sağ olun.
Sədrlik edən. Cənab nazir, ətraflı cavablara görə çox sağ olun. Hörmətli millət vəkilləri, sabah iclasımızı davam etdirəcəyik.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi