2006-ci il 5 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  32

Milli  Məclisin  iclas  salonu.
5  dekabr  2006-cı il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 101 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

M. Mərdanov, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi.
M.Əsədov, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri.
E. Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
V.Nağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzinin direktoru.
R. Rüstəmbəyov, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin İnnovasiya və Təchizat Mərkəzi direktorunun müavini.
Ə. Abdullazadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Analitik ekspertiza laboratoriyasının direktoru.
M. Vəliyeva, Azərbaycan Dövlət Tibb Universitetinin Texnologiya və əczaçılıq işinin təşkili kafedrasının müdiri.
M. Qəniyev, Azərbaycan Dövlət Tibb Universitetinin Farmakologiya kafedrasının müdiri.
N. Mirzəzadə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Farmakologiya və farmakopeya ekspert şurasının sədri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının Konstitusiya Qanunu barədə (ikinci səsvermə).
2. “2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə.
3. Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə Kredit Sazişinin təsdiq edilməsi barədə.
4. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında.
5. Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və “Baytarlıq təbabəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 17 iyun tarixli 826 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında.
6. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
7. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
8. Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamənin layihəsi barədə (ikinci oxunuş).
9. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında.
10. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu.
2. “2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
3. “Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə Kredit Sazişinin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
4. “Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət-Prosessual məcəllələrinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
5. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və “Baytarlıq təbabəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 17 iyun tarixli 826 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu.
6. Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                    O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

5  dekabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
 O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçək.

Qeydiyyat (saat 12.01 dəq.)
İştirak edir 88
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, gündəlik sizin hamınızda var. Xahiş edirəm, gündəliyə münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 12.02 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 2
Səs vermədi 2
İştirak edir 85
Nəticə: qəbul edildi

Çox sağ olun, gündəlik qəbul edildi. İclasa başlaya bilərik. Buyurun, Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən gündəliyə səs verdim, gündəliyin müzakirəsində də iştirak edəcəyəm, yeri gəldikcə fikirlərimi söyləyəcəyəm. Bununla bağlı istərdim ki, hörmətli cənab Sədr, Sizin və millət vəkillərinin diqqətinə bu gün cəmiyyətdə yetərincə öz aktuallığı ilə geniş müzakirə predmetinə çevrilən bir məsələni çatdırım. İmkan daxilində bu məsələni Milli Məclisin növbəti iclaslarının birinə müzakirəyə çıxaraq.
Söhbət son vaxtlar kütləvi informasiya vasitələrində ölkə Prezidentinin səlahiyyətləri müddətinin 5 ildən 7 ilə qədər uzadılmasından gedir. Deyərdim ki, bu, əslində, sosial sifarişdir. Cəmiyyətin ən müxtəlif təbəqələrində həmin məsələ bu və ya digər şəkildə müzakirə olunmaqdadır. Müzakirənin başlıca səbəbi ondan ibarətdir ki, 2003-cü ildə ölkə Prezidenti seçilən İlham Əliyev Azərbaycan xalqı içərisində çox böyük nüfuz qazanmışdır. Eyni zamanda, beynəlxalq aləmdə də ölkə rəhbəri, dövlət rəhbəri, Prezident kimi öz nüfuzunu gücləndirmişdir. Belə olan halda cəmiyyət istər-istəməz bir sual barədə düşünür: necə etmək olar ki, ölkə Prezidentinin səlahiyyət müddəti artırılsın və o başlamış olduğu işi bundan sonra da uğurla davam etdirsin?
Artıq 2008-ci ildə Prezident seçkiləri keçiriləcəkdir və ondan sonra bir daha ölkə Prezidentinə 5 il səlahiyyət veriləcəkdir. Bu müddət bu gün və yaxın gələcəkdə ölkədə alternativi görünməyən, olmayan ölkə Prezidentinin qarşıya qoymuş olduğu vəzifələrin yerinə yetirilməsi baxımından kifayət etmir. Ona görə də təklif olunur ki, referendum yolu ilə Konstitusiyada dəyişiklik edilsin, Prezidentin səlahiyyət müddəti 2008-ci ildə keçiriləcək referendumda 7 il müəyyənləşdirilsin. Ölkə Prezidenti daha 7 il səlahiyyətlərini həyata keçirsin və bundan sonrakı illərdə belə bir arzusu olsa seçilmək şansı qazansın. 52 yaş siyasətçinin, dövlət xadiminin ən ciddi və məhsuldar bir vaxtıdır. Bu, millətin, xalqın sözüdür, Fəzail Ağamalının ideyası deyil. Ona görə də bu fikrin reallaşdırılmasının arxasında bizim opponentlərin dediyindən tamamilə əksinə olaraq, Azərbaycanın demokratik prinsiplərinə toxunulmur, Prezidentin səlahiyyətləri artırılmır, Prezident seçkilərinə hər hansı müdaxilə edilmir və iddiada olan hər bir şəxs də bu prosesə qoşula bilər və xalq kimə səs verərsə, o da 7 il ölkənin Prezidenti seçilə bilər. Lakin xalqın demiş olduğu fikrə İlham Əliyev...
Sədrlik edən. Çox sağ olun. Danışmışıq ki, əlavə vaxt yoxdur. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri, media nümayəndələri! Mən də bir məsələ ilə bağlı öz fikirlərimi bildirmək istəyirəm. Çox yaxşı olardı ki, Milli Məclisin rəhbər strukturları formalaşdırılarkən Azərbaycanda çoxpartiyalı sistemin olması və parlamentdə başqa partiyaların da təmsil olunması nəzərə alınsın. Hakim partiya istər Milli Məclis Sədrinin seçilməsində, istərsə də komissiyaların formalaşdırılmasında digər partiya nümayəndələrinə, təmsilçilərinə də imkan yaratmalıdır. Amma Yeni Azərbaycan Partiyası hesab etdi ki, seçkilərdə qalib gəlib və bütün vəzifələri onlar tutmalıdırlar. Qoy belə olsun. Biz rəyasət heyətinə, sədarətə baxanda görürük ki, Milli Məclisin rəhbərliyi başqa prinsiplə, Azərbaycanın bölgələrinin təmsil edilməsi prinsipi ilə formalaşdırılıb. Oqtay müəllim, Siz Bakıdan, Ziyafət Əsgərov cənub bölgəsindən, Bahar xanım Qarabağ bölgəsindən, Valeh müəllim Gəncəbasar bölgəsindən.
Naxçıvan həm muxtar respublikadır, həm də blokada vəziyyətindədir. Mən özüm orada olanda camaat deyir ki, niyə bizdən bir nəfər Milli Məclisin rəhbərliyində olmasın? Sədrin bir müavini Naxçıvandan seçilmiş millət vəkillərindən olsa, bu, oradakı seçicilərin maraqlarının müdafiəsi baxımından daha uyğun olar. Mən bilmirəm, təsadüfdəndir, ya nədəndir, Ziyafət müəllim gülür, amma səhər biz iclasa gələndə Ziyafət müəllim yanındakı kreslonu oradan götürtdü. Amma rəyasət heyəti yarımçıq görünür. Ziyafət müəllim, iclas başlamazdan qabaq yanınızdakı stulu götürtdünüz. Mən demədim, Siz götürdünüz, dedim, siz yığışdırtdırdınız. Mən demədim ki, stulu aldınız əlinizə, apardınız. Mən bunu sırf təsadüfi dedim. Buna belə reaksiya vermək lazım deyil. Milli Məclisdə çoxluq istərsə, bu məsələni də müzakirəyə qoymaq olar. Bu çox obyektiv, ədalətli bir məsələ olardı.
Bunun davamı kimi qeyd etmək istəyirəm ki, doğrudan da, ölkədə çoxpartiyalı sistemi inkişaf etdirmək üçün biz “Siyasi partiyalar haqqında” Qanuna baxmalıyıq. Burada hörmətli maliyyə naziri Samir müəllim də qeyd elədi ki, əgər müvafiq qanunlara düzəlişlər edilərsə, büdcədən vəsait ayırmağa imkan var. Doğrudan da, siyasi partiyaların dövlət büdcəsi tərəfindən maliyyələşdirilməsi məsələsinə baxmalıyıq. Oqtay müəllim, mən təklif edirəm, bu məsələni də biz bu gün müzakirəyə çıxaraq və ilin sonuna qədər həmin qanunu qəbul edək ki, növbəti ildən belə bir imkan yaransın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət müəllim, kreslonun burada olması daha bir vitse-spiker olması demək deyil. Bu sizin öz şəxsi fikrinizdir. Bizdə belə bir fikir olmayıb. Fazil Mustafayev.
F. Mustafayev. Hörmətli Sədr, hörmətli millət vəkilləri!  Gündəlikdə aktual məsələlər də müzakirə olunmalıdır. Amma daha bir neçə aktual məsələyə toxunmaq istəyirəm. Bu da ilk növbədə son günlərdə ayrı-ayrı xarici dövlətlərin Azərbaycan vətəndaşlarının gələcəyi ilə bağlı səsləndirdikləri təhdidlərdir. Xüsusi ilə də İrandan təhdidlər gəlir. Ayrı-ayrı ayətullahlar Azərbaycan vətəndaşlarına, hətta məndə olan məlumatlara görə, Xarici İşlər Nazirliyinin işçilərinə qarşı da belə bəyanatlar səsləndiriblər. Ölüm hökmü kəsilməlidir. Qonşu dövlət açıq-aşkar Azərbaycanı terrorla hədələyir və bunun da nəticəsi olaraq Azərbaycan kəndlərindən birində hansısa jurnalistə ölüm hökmü kəsilib. Bu olduqca yanlış yanaşmadır. Mən hesab edirəm ki, qonşu dövlət Azərbaycanın hüquqlarına hörmətlə yanaşmağa borcludur. Azərbaycan hakimiyyət orqanları da bu məsələ ilə bağlı beynəlxalq təşkilatlar qarşısında öz mövqeyini bildirməli, məsələ qaldırmalıdırlar ki, İran dövlətinin ərazisində yaşayan, onun vətəndaşı olan hansısa ayətullahın Azərbaycan vətəndaşına ölüm fitvası verməsi beynəlxalq hüquq normalarına ziddir. Bu məsələyə Azərbaycan tərəfi ciddi münasibət bildirməlidir. Azərbaycanda, Bakı kəndlərində və ya haradasa analoji variantların təkrar olunması ölkəmiz üçün ciddi təhlükə vəd eləyir.
İkinci məsələ bu gün gündəliyə salınmayıb. Mən MSK ilə bağlı məsələyə toxunmaq istəyirəm. Hesab edirəm ki, təkrar seçkilərdən sonra MSK məsələsinə yenidən baxılmalıdır. Amma bu gün mətbuatda səslənən formada baxılması düzgün deyil, ədalətsizlikdir. Azlığı təşkil eləyən 10 partiyanın maraqlarını təmsil eləmək üçün MSK-da 6 yer onlar arasında ədalətli şəkildə, yəni ya püşkatma, ya da razılaşma yolu ilə bölünməlidir.
Əgər razılaşma olmazsa, Milli Məclis rəhbərliyinin bilavasitə iştirakı ilə hansısa razılaşdırılmış prosedur yolu ilə bu tərkib müəyyən olunmalıdır. Biz, üç partiya MSK-ya bir nümayəndəmizi vermişik, amma elə partiyalar var ki, bir nümayəndə verib. Bunu əsaslandırmaq olduqca çətindir. Ona görə də mən Milli Məclis rəhbərliyinə təklif eləyirəm ki, bizim bu məsələyə ciddi etirazımızı nəzərə alaraq, məsləhətləşərək həmin məsələnin müzakirəyə çıxarılmasını təmin etsinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bu məsələyə gələn iclasda baxılacaq. Amma hörmətli Fazil müəllim, biz bunu əvvəllər də razılaşdırılmış şəkildə həll etmişdik. Sizin hər birinizin məktubu var idi. 10 dairədə seçki keçirilməmişdi. Bir ildir, artıq sizin nümayəndələr seçki komissiyasında iştirak edirlər, bir ildən sonra təzədən bu məsələyə qayıtmaq həmin razılaşmanı pozmaq deməkdir. Oturub müzakirə edərik. Ancaq bu məsələ siz deyən kimi, razılaşdırılıb. Əgər belə getsə, bu məsələnin axırına çata bilmərik. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən gündəliyə bir neçə məsələnin əlavə olunmasını təklif edirəm. Bunlardan birincisi, keçən iclasda təklif elədiyim kimi, Azərbaycanda söz və mətbuat azadlığı ətrafında yaranmış vəziyyətlə əlaqədar cəmiyyəti, insanları, ziyalıları, o cümlədən deputatları da düşündürən məsələnin müzakirəsidir. Yəni konkret təklifim ondan ibarətdir ki, Milli Teleradio Şurasının rəhbəri Nuşirəvan Məhərrəmli Milli Məclisin iclasına dəvət olunsun və ANS televiziyası ətrafında yaranmış məsələyə deputatların iştirakı ilə aydınlıq gətirilsin. Ümumiyyətlə, “Azadlıq” qəzeti ilə bağlı məsələ və bu məsələ ətrafında hüquq mühafizə orqanlarının qanuna zidd hərəkətləri müzakirə obyekti olmalıdır.
İkincisi Qarabağ məsələsi ilə əlaqədardır. Son günlərdə ölkə informasiya məkanına çox ciddi məlumatlar daxil olmaqdadır. Xarici ölkə mətbuatında bu məsələ ciddi şəkildə gündəmə gətirilir. Eyni zamanda, Ermənistan dövlətinin ayrı-ayrı vəzifəli şəxsləri də bu məsələ ətrafında spekulyativ xarakterli olsa da, hər halda cəmiyyəti narahat edən tezislərlə, məlumatlarla çıxış edirlər. Dəfələrlə mənim də, digər deputatların da burada səsləndirdikləri kimi, Qarabağ məsələsinin indiki məqamda müzakirəsini aktual hesab edirəm və bu məsələnin də gündəliyə əlavə olunmasını təklif edirəm.
Hörmətli Sədr, son günlər respublikanın rayonlarında, o cümlədən mənim seçildiyim Sabirabad rayonunda enerji, konkret olaraq qaz və elektrik enerjisi təchizatı ilə bağlı vəziyyət olduqca gərgindir. Milyardlarla dövlət investisiyasının, vəsaitinin bu sahəyə ayrılması heç bir halda ildən-ilə vəziyyətin pisləşməsini izah edə bilməz. Əlaqədar şirkətlərin və dövlət orqanlarının, nazirliklərin, Baş nazirin müavinlərinin bu məsələ barədə izahat vermələrinə ehtiyac vardır. Soyuqların gözlənildiyi bir zamanda milyonlarla insan çox ciddi fəlakətə düçar ola bilər. Ona görə də təklif edirəm, imkan daxilində hətta dinləməsiz, müzakirəsiz bu sahədə ciddi tədbirlər görülsün. Biz bunu Sizdən xahiş edirik.
Təhsil Nazirliyinə aid olan bir məsələni də vurğulamaq istəyirəm. Təhsil sahəsində bəzi özbaşınalıqların aradan qaldırılması istiqamətində görülən tədbirləri bəyənirik. Amma Müstəqil Azərbaycan Universiteti ilə bağlı məsələni də qapatmaq lazımdır. Tələbələrin, onların valideynlərinin və universitetin özünün xahişlərini nəzərə alaraq Sizin və komissiya sədrlərinin müdaxilə eləyib bu məsələnin qanunauyğun həllinə kömək göstərməyinizi xahiş edirəm. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Mən qaldırılan suallara çox qısa cavab verəcəyəm. ANS televiziyası barəsində, mən hesab edirəm ki, cənab Prezident tam açıqlığı ilə çıxış elədi. Bilirsiniz ki, 21 millət vəkili cənab Prezidentə müraciət edib. Ayın 5-dən 10-na qədər müsabiqə elan olunub. Xahiş edirəm, bu məsələni siyasiləşdirməyək. Hər kəs qaydaya uyğun olaraq müsabiqədə iştirak edəcək.
Mən iclasda demişdim ki, ANS televiziyası bizə müraciət etmişdir. Biz bu məsələlərin hamısını araşdırdıq. Burada çox böyük bir siyahı var. Bunu axıra çatdıracağıq. Yəni ANS televiziyası da Milli Teleradio Şurası ilə işlərini düzgün qurmayıbdır. Burada sənədlər, müraciətlər var. Heç birinə diqqət verilməyib. Bu məsələləri oturub normal şəkildə aydınlaşdırmaq, münasibətlər üzərində işləmək lazımdır.
O ki qaldı ikinci məsələ –Dağlıq Qarabağ məsələsi, mən xahiş edərdim, siz ermənilərin dezinformasiyasına uymayın. Onlar çox şey deyə bilərlər. Azərbaycanın bu istiqamətdə mövqeləri gündən-günə möhkəmlənir. Gələcəkdə siz bu mövqeləri bir də görəcəksiniz.
Elektrik enerjisi məsələsinə gəldikdə deyim ki, yəqin, hamınız televiziyada gördünüz, qışa hazırlıqla əlaqədar böyük müşavirə keçirilibdir. Təşkilatlara müvafiq tapşırıqlar verilib. Rusiya qazın qiymətini 230 dollara qaldırmaq istəyir. Bu məsələlərin də qarşısı alınır. Azərbaycan özü yaranmış vəziyyətdən çıxacaq. İki həftə ərzində bütün açıqlamalar veriləcək, hamınız görəcəksiniz.
Tələbələr məsələsi ilə bağlı Müsavat deputat qrupu mənə müraciət eləmişdir. Mən bu məsələni də aydınlaşdırdım. 600 tələbə 2004-cü ildə Prezidentin sərəncamından sonra qanunsuz olaraq həmin universitetin rektoru tərəfindən özbaşına universitetə qəbul olunub. Biz tələbələrdə o qədər də günah görmürük. Ancaq bu, qanunsuzdur. Həmin tələbələr də, valideynlər də bu məsələni məhkəmə qarşısında qaldırıblar. Məsələyə ayın 11-nə kimi Binəqədi rayon məhkəməsində baxılacaq. Qəbul ediləcək qərar əsasında bu məsələlərin öz müsbət həllini tapmasına çalışacağıq. Çox sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr. Mən ilk növbədə bildirmək istəyirəm ki, bu günlərdə parlamentin üçüncü çağırışının işə başlamasının bir ili tamam oldu. Bu münasibətlə mən deputat həmkarlarımı, o cümlədən sədarəti təbrik edirəm. Bu bir il ərzində Milli Məclisin tərkibi çox səmərəli işlədi. Cəmiyyəti maraqlandıran məsələlər dəfələrlə parlamentin tribunasında səsləndirildi. Bir çox məsələlərə dair qəbul etdiyimiz qərarlar və qanunlara etdiyimiz dəyişikliklər, həqiqətən, cəmiyyətin tələblərinə cavab verir. Hər bir seçici öz deputatının bir il ərzində fəaliyyətini, vəzifəsini necə yerinə yetirməsini bir daha gördü.
İkinci məsələyə Siz artıq cavab verdiniz. Bu, ANS telekanalının fəaliyyətinin dayandırılması ilə bağlı Milli Teleradio Şurasının qaldırdığı məsələ idi. Cənab Sədr, bu məsələyə aydınlıq gətirdiyinizə və fikirlərimizin tamamilə üst-üstə düşdüyünə görə təkrarlamaq istəmirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də ilk növbədə Azərbaycan ictimaiyyətini daha çox narahat eləyən və addımbaşı həm seçicilərin, həm də Azərbaycanın taleyini düşünən insanların verdikləri bir sualı Milli Məclis rəhbərliyi və Milli Məclis qarşısında qaldırmaq istəyirəm. Son 5 ildə Qarabağ məsələsi ilə bağlı kifayət qədər danışıqlar gedib, kifayət qədər uğurların olduğu və yaxın zamanlarda da bu və ya digər şəkildə həllini tapacağı ilə bağlı ümidli bəyanatlar səslənir. Amma nədənsə nə Milli Məclis, nə də millət vəkillərinin özlərində heç zaman danışıqların hansı mərhələdə olduğu, Azərbaycanın nələri güzəştə getdiyi, Azərbaycana nələr təklif olunduğu haqda heç bir məlumat yoxdur. Sanki bu missiyanı bir Xarici İşlər Nazirliyi yerinə yetirməli və həll etməlidir. Müharibə apardığımız tərəf – Ermənistan tərəfi mütəmadi olaraq parlamentdə müzakirə aparır və parlament qarşısında hesabat verir. Biz 2001-ci ilin fevral ayından bu yana bir dəfə də olsun Qarabağ məsələsinin detalları, Azərbaycanın vəziyyəti, Azərbaycanın hansı statusda iştirak etdiyi və bizə nə təklif olunduğu barədə məsələləri, nədən imtina etdiyimizi ortaya qoya bilməmişik. Bizə bu barədə məlumat verilmir. Sanki millət vəkilləri bu məsələ ilə məşğul olmamalıdırlar.
İkinci tərəfdən, son dövrlərdə Avropa Birliyi ilə qonşuluq siyasəti ilə bağlı saziş imzalanıb və onun bir bəndi 5 il müharibəsiz dövrdən bəhs edir. Bununla bağlı Avropa Birliyinin üzərinə düşən öhdəliklər hansılardır, biz onlarla tərəfdaş kimi problemin həllində hansı məsələləri qaldırmışıq? Digər bir məsələ, son günlər danışıqda referendum məsələsinin gündəliyə gəlməsidir. İstər Ermənistan, istərsə də Dağlıq Qarabağ tərəfi mütəmadi olaraq bildirir ki, referendum məsələsində hələlik razılıq əldə olunmayıb, qalan bütün məsələlər razılaşdırılıb. Razılaşdırılan məsələlər hansılardır? Hansı məsələlər hansı səviyyədə razılaşdırılıb? Laçının, Kəlbəcərin taleyi hansı şəkildə razılaşdırılıb? Digər rayonların vəziyyəti necədir? Bu barədə keçən sessiyada da məsələ qaldırmışdıq. Siz də bildirdiniz ki, lazım olarsa, Xarici İşlər Nazirliyi gəlib hesabat verər. Mənə elə gəlir ki, danışıqlarla bağlı millət vəkillərinə hesabat verilməlidir. Biz bilməliyik ki, vəziyyət nə yerdədir?
Vaxtımın azlığından istifadə edib bir məsələyə də qısaca toxunmaq istəyirəm. ANS-lə bağlı məsələyə toxundunuz. Amma “Azadlıq ” qəzeti, “Turan” İnformasiya Agentliyi, “Bizim yol” və bəzi qəzetlərlə bağlı məsələlər, o cümlədən Xalq Cəbhəsi Partiyasının qərargahından çıxarılması məsələsi də aktualdır. Mən hesab edirəm, “Siyasi partiyalar haqqında” Qanun müzakirəyə çıxarılmalıdır. Həm “Siyasi partiyalar haqqında” qanunda partiyanın yerləşməsi məsələsi, həm də digər...
Sədrlik edən. Çox sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Təşəkkür edirəm, hörmətli Sədr. Hörmətli millət vəkilləri, əslində, mənim danışmaq istədiyim məsələnin böyük bir hissəsi qaldırıldı. Elə indi məndən əvvəl çıxış eləyən Qarabağla bağlı millət vəkillərinin məlumatlandırılmasının gərəkliyini diqqətə çatdırdı. Mən də hesab edirəm ki, nəhayət, burada oturan millət vəkillərinə də bununla bağlı bir şəxs məlumat verməlidir, çünki bu, ümummilli problemdir və həqiqətən, biz millət vəkiliyiksə, bununla bağlı normal bir informasiya almalıyıq. Qəzet məqalələrindən, filandan əldə olunmuş informasiyalar kifayət deyil.
ANS-lə bağlı məsələ qaldırıldı və cənab Sədr də ona aydınlıq gətirdi. Amma məsələ ondadır ki, azad sözə qarşı, azad söz bir yana qalsın… ANS-in şəxsində bu özünü göstərir. Dəyişik, müxtəlif fikrə qarşı bir səlib yürüşü var, məsələ təkcə ANS-də deyil. “Azadlıq” qəzeti, “Turan”, ondan əvvəl Bahəddinlə bağlı, ondan əvvəl isə digər hadisələr oldu və çox təhlükəli bir hal alır. Rafiq Tağı məsələsinə də toxunuldu. Mənə elə gəlir ki, Rafiq Tağı da çox ciddi, təhlükəli bir meylin göstəricisidir.
 Amma mən burada qalan vaxtımı BMT-də baş vermiş hadisəyə sərf etmək istəyirəm. Azərbaycan nümayəndəsi İranda milli azlıqların, eləcə də azərbaycanlıların hüquqlarının pozulması haqqında sənədə mənfi rəy verib. Başqa sözlə, Azərbaycan Respublikasının nümayəndəsi bu ölkədə azərbaycanlıların nəinki bir millət sayılmaması, onların təhqir edilməsini bilmir, yaxud bilmək istəmir. Halbuki elə bu ilin may-iyununda, daha sonra sentyabrında yerli azərbaycanlıların milli təhqirlərə qarşı başlamış hərəkatı barədə dünya mətbuatı geniş yazdı. Bu hadisələr böyük əks-səda doğurdu. Onlarca azərbaycanlı həbsə düşdü, işgəncələrə məruz qaldı, amma mübarizədən dönmədi və bu gün də dönmür. Tutulanlardan biri də Azərbaycan musiqisinin görkəmli nəzəriyyəçisi və müdafiəçisi, 65 yaşlı Həsən Azərbaycan idi. Bu böyük insan zindanda belə fars şovinizmini məhkum etməkdən çəkinmədi, indi azadlıqdadır və bu tribunadan onu salamlayıram. Milli Məclis üçün ən ibrətamiz hadisələrdən biri də İsveç parlamentində baş verir. İsveçli millət vəkillərindən cənab Hans Linde İranda soydaşlarımızın mədəni-etnik ayrı-seçkiliyə məruz qalmaları haqda qətnamə layihəsini müzakirəyə verib. Güman edirəm, Azərbaycan diplomatiyası bu layihənin...
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F. Muradov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, son zamanlar Qarabağla bağlı məsələlər gündəmdədir. Cənab Prezidentin məsələnin sülh yolu ilə həll edilməsi yolunda sistemli hərəkətlərini biz görürük. Təbii, bizim diplomatik uğurlarımız qarşı tərəfi provokasiya etməyə vadar eləyir. Dünən separatçı və quldur rejim Moskvada Qarabağ günləri keçirib. Moskvada oxuyan azərbaycanlı tələbələri etiraz aksiyası keçiriblər. Məlumat üçün bildirim ki, bu tələbələr yüksək intellektuala malik tələbələrdirlər, Moskva Dövlət Universitetində, digər universitetlərdə oxuyurlar və burada heç bir başqa məqam olmayıb. Amma buna baxmayaraq, onların etiraz aksiyası düzgün başa düşülməyib və 20-yə yaxın gəncimiz həbsə alınıb. Bütün bunları nəzərə alaraq, cənab Sədr, mən Sizdən xahiş edirəm, rəsmi olaraq səfirliyə, yaxud deputat kimi müraciət eləyək.
Həqiqətən də, bizim diplomatik uğurlarımız bəzi qüvvələri hərəkətə gətirib. Bu prosesi pozmaq, provokasiya etmək üçün belə aksiyadan istifadə edirlər. Belə bir aksiya Rusiya-Azərbaycan günləri ərəfəsində baş verir. Bizim tələbələrin istəyi, sadəcə, o olub ki, Qarabağ günləri keçirirlərsə, buna maraq göstərilirsə, burada Azərbaycan tərəf də iştirak etməlidir. Təbii, yerli hakimiyyət buna imkan yaratmalı, bu etirazları normal qarşılamalı, bu məsələyə aid müəyyən açıqlama verməli idi. Cənab Sədr, mən bilirəm ki, Siz bütün məsələlərə diqqətlə yanaşırsınız və xahiş edirəm, oradakı Azərbaycan gənclərinin hüquqlarını, maraqlarını burada qoruyaq. Bəzi qüvvələr bildirirlər ki, bizim gənclərimiz orada alverlə məşğul olurlar, onlar bizim tələbələrimizdirlər, intellektual potensialı olan gənclərimizdirlər. Əgər biz onları qorumasaq, sabah həmin o separat və quldur rejim öz fitnəkarlıqlarını davam etdirəcək. Ona görə mən həm Sizdən, həm də millət vəkillərindən xahiş edirəm, bu gün belə ciddi məsələyə münasibətlərini bildirsinlər.
Sədrlik edən. Çox sağ olun, Fuad müəllim. Məsələ burasındadır ki, biz bu işlərdən xəbərdarıq. Rusiya Federasiyasının Baş naziri dünən Azərbaycanda idi, bizim Rusiyadakı səfirimiz Polad Bülbüloğlu da burada idi. Bu məsələlərlə məşğul olurlar. Mən razıyam, biz onları müdafiə edəcəyik, nəyə imkanımız çatırsa edəcəyik. Ancaq həmin mitinq icazəsiz mitinq olub. Biz çalışacağıq ki, o mitinqi əsaslandıraq, icazəli eləyək. Tələsik yox, normal təşkil etmək lazım idi. Ancaq buna baxmayaraq, mən Sizə söz verirəm, biz nə mümkündürsə, etməyə çalışacağıq. Çox sağ olun. Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün aktual olan Qarabağ problemi barəsində möhtərəm Sədr dedi ki, ermənilərin dezinformasiyalarına uymamalıyıq. Mən bu fikri alqışlayıram. Möhtərəm Sədr, Siz haqlısınız, dezinformasiyalara uymaq olmaz, amma belə gözəl məsəl var ki, su susar, düşmən susmaz. Bu gün bir faktı deyəcəyəm. Xalqımız daha gözüaçıq olmalıdır. Erməni Daşnaksütun partiyası bu günlərdə Hizbullah təşkilatı ilə siyasi və strateji hərbi ittifaq bağlayır. Yaxın Şərqdə demokratik bir qurumu yıxmaq üçün birləşirlər. Erməni Daşnaksütun partiyasının əməllərində biz açıq düşmənlərimizi gördüyümüz kimi, eləcə də xalqımızı sevməyən qüvvələri görməliyik. Dindən bir vasitə kimi istifadə edən və Azərbaycan xalqına böhtan yaxan qüvvələri görməliyik. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Mən son 4-5 gün müddətində rayonda seçicilərlə bir yerdə oldum və soyuq dekabr ayında işıqsız, qazsız qalmış insanların hansı həddə çatdırılmasının şahidi oldum. Məlumat üçün bildirim ki, 1991-ci ildən bəri İmişli rayonuna qaz verilmir. Rayondakı şəkər zavodunun qaz xəttindən mənzillərinə qaz çəkmiş 300-400 nəfər imkanlı, vəzifəli şəxsləri nəzərə almasaq, düz 15 ildir ki, 110 min nəfərlik bir rayon qaza həsrət qalmışdır. İnsanlar alternativ yanacaq növü kimi kerosindən istifadə edirlər, ancaq bahalaşma səbəbindən artıq onlar bu yanacaq növündən istifadə edə bilmirlər. Yeganə ümid yeri elektrik enerjisi idi, lakin son bir ay müddətində bu imkan da əldən çıxmışdır. Nəzərinizə gətirin ki, böyük bir rayona bir ay ərzində 9-10 saat elektrik enerjisi verilir. Bu vəziyyətdə, yəni işıqsız, qazsız, odunsuz rayonda yaşamağın nə qədər çətin olduğunu bilmək üçün gərək heç olmasa, bir-iki gün həmin rayonda yaşayasan. Sözün həqiqi mənasında insanlar soyuqdan donurlar. Rayon sakinlərinin evlərində, onların övladlarının, yəni şagirdlərin sinif otaqlarında paltoda, papaqda, şərfdə oturduqlarını gördükcə istər-istəməz bir suala cavab axtarmalı olursan. Görəsən ölkə nə qədər varlanmalıdır ki, heç olmasa, qış ayında mərkəzi rayonları işıqla, elektrik enerjisi ilə təmin etmək mümkün olsun?
Bayaq qeyd etdiyim kimi, bizim rayonda şəkər zavodu fəaliyyət göstərir. Təsəvvürünüzə gətirin ki, bu şəkər zavoduna ay yarım müddətində qaz xətti çəkildi və qazın verilməsi təmin edildi. Bəs bu mümkündürsə, onda 110 min nəfərlik bir rayonun əhalisinin 15 ilin müddətində qazsız saxlanılması görəsən hansı məqsədə xidmət edir? Məgər rayonlarda soyuqdan əziyyət çəkən həmin insanlar bu ölkənin vətəndaşları deyillərmi? Budurmu xalqın güzəranının günü-gündən yaxşılaşması? Təbii, təkcə bizim rayonun seçiciləri üçün deyil, ətraf rayonun sakinləri üçün də bu problem xarakterikdir. Ona görə də mən deputatlara müraciət edərək, onları bu cür rayonda soyuqdan əziyyət çəkən yaşlı insanlarımızın, azyaşlı uşaqlarımızın, ana və bacılarımızın bu vəziyyətlərinə biganə olmamağa çağırıram. Yaranmış bu vəziyyətdən çıxış yollarını birgə aramaq üçün müzakirələr açmağa çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Mən sizin diqqətinizi son dövrlər Müsavat partiyasının müraciətinə məhəl qoymayan Bakı merinin qanunsuz əməllərinə yönəltmək istəyirəm. Son bir ayda Müsavat partiyası kütləvi aksiyalar keçirmək üçün Bakı merinə müraciət edib. Amma hər üçündə Bakı meri Müsavat partiyasına əsaslandırılmamış, “yox” cavabı verib və bir çox hallarda bu “yox” gülüş doğurur. Azərbaycandakı qanunların işləməməsi və yaxud dövlət məmurları tərəfindən buna məhəl qoyulmaması son dövrlər adət halını alıb. Amma ən azından Bakı meri bizim Konstitusiyamıza, qanunlarımıza əməl etməyə borcludur. Biz, millət vəkilləri, Milli Məclis dövlət məmurlarının qanunlara hörmətlə yanaşmasını tələb eləməliyik.
Nəzərinizə çatdırmaq istəyirəm ki, sərbəst toplaşmaq azadlığı haqqında qanunun, ümumiyyətlə, dünyada iki növü daha çox yayılıb. Birincisində icazə alaraq kütləvi tədbirlər, mitinq və yürüşlər keçirilməsi nəzərdə tutulur. İkincisində isə xəbərdarlıq edilməsi kifayətdir. Çox yaxşı haldır ki, Azərbaycanda qəbul olunan qanun daha mötəbildir, icazə alınmadan, xəbərdarlıq edərək kütləvi aksiyaların keçirilməsinə yol verilir. Bir çox demokratik ölkələrdə olduğu kimi, Azərbaycanda da bu qanunun qəbul olunması çox yaxşı haldır. Amma Azərbaycan məmurlarının Azərbaycan qanunlarına məhəl qoymadan bunları heç veclərinə almadan öz istədiklərini həyata keçirmələri yolverilməz haldır.
Hörmətli Oqtay müəllim, Sizdən çox xahiş edirəm ki, bu məsələyə münasibət bildirəsiniz. Bakı meriyası mitinqin keçirilməsi üçün 3-4 yer göstərib. Əvvəla, mitinqin harada keçirilməsini Bakı meri yox, qanunda göstərildiyi kimi, mitinqi, yürüşü həyata keçirən qurum, partiya, siyasi təşkilat göstərir. Bakı meriyasının isə borcu həmin küçə yürüşünün, mitinqin təhlükəsizliyini təmin eləmək və orada iştirak eləyənlər üçün şərait yaratmadır. O buna məsuldur. Ona görə də biz Bakı meriyasını məhkəməyə vermişik. Bilirik ki, Azərbaycanda məhkəmələr də azad deyil, onlar hakimiyyətin iradəsini ifadə edir və bunun nəticəsi bizə bəllidir. Biz öz konstitusion hüququmuzdan istifadə edərək Bakı meriyasını məhkəməyə vermişik. Əgər 4 yer göstərilirsə, bu da qanunun pozulmasıdır, çünki Bakıda 4 rayon yoxdur, hər bir rayonun ərazisində heç olmasa, bir yer göstərəydi. Belə çıxır ki, Hacıbala Abutalıbov nə istəyirsə, onu da eləyir. Mənə elə gəlir ki, bu məsələlərə son qoymağın vaxtıdır.
Sədrlik edən. Siz həm sual qoyursunuz, həm də özünüz cavab verirsiniz. Ancaq düzgün demirsiniz. Əgər icazə lazım deyilsə, onda niyə müraciət edirsiniz, qanunvericiliyə yaxşı baxın. Qanunvericilikdə yer verilməsi məsələsi var, dəfələrlə müzakirə olunub. Mən də maraqlanaram. Amma sualı düzgün qoyun. Yoxsa deyirsiniz ki, məhkəməyə verəcəyik, məhkəmə belə baxacaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Niyə deyirsiniz? Kömək istədiniz, mən də dedim, baxaram. Mən istədim ki, bu gün yazılanların hamısı müzakirədə iştirak etsinlər. Sonra yenə deyəcəklər, demokratiyanı pozuruq. Siyavuş Novruzov.
S. Novruzov. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim də gündəliyə bir neçə təklifim vardır. Lakin müzakirə olunan məsələlərə münasibətimi bildirmək istəyirəm. İlk növbədə isə “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanunun təhrif olunmasına dair fikrimi bildirmək istəyirəm. Orada göstərilir ki, bu məsələ razılaşdırma yolu ilə həll olunur. Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktda göstərilir: hüquqlar o vaxt məhdudlaşır ki, digərinin hüququ pozulur. Ona görə də verilən hər hansı bir müraciətə aidiyyəti orqan qanunvericiliyin tələblərinə uyğun cavab verir, fikrini bildirir. Digər tərəfdən, əgər siz ictimaiyyətə öz fikirlərinizi çatdırmaq istəyirsinizsə, onun yerindən asılı olmayaraq mitinqi və yaxud da yürüşü keçirmək olar. Sizə də təklif olunan yerlərin əksəriyyəti əhalinin gur yaşadığı yerlərdir. Nəyə görə əhalinin gur yaşadığı yerləri deyil, idarə, ofis, beynəlxalq təşkilatlar yerləşən yerləri seçirsiniz? Bu mənim üçün aydın deyil.
İkinci, heç olmasa, bir dəfə də ağac əkmək, yaxud kitab bayramı keçirmək üçün müraciət eləyin. Elə piket, mitinq, yürüş… Müsavat partiyası nə vaxta qədər bu təfəkkürlə yaşayacaq? Mənə hələ də qaranlıq qalır.
Digər məsələlərə toxunduq, mən hesab edirəm ki, hər şeydən əvvəl qanunun aliliyi məsələsi prinsipinə əməl olunmalıdır. Biri aclıq keçirir, biri özünü binadan tullayır. Bunların hamısının qanuni əsası olmalıdır. Aclıq etməklə qanun düzələsi deyil ki? Yaxud qanunsuz bir ərazini tutub mətbuat orqanı, yaxud siyasi partiya yerləşdirirlər. Sən əvvəlcə qanuniləşdir, sonra başqa fəaliyyətlə məşğul ol. Dövlət də deyir ki, mənim vətəndaşlarım kimliyindən, partiyanın üzvlüyündən asılı olmayaraq qanun qarşısında bərabərdirlər və bu bərabərliyi təmin eləyir.
Digər orqanlar haqqında da burada fikir söyləndi. Mən hesab edirəm ki, bu məsələlər hamısı qanunların tələbləri çərçivəsində nizama salınmalı, həll olunmalıdır. Heç kəs bu dövlətdə ərköyün övlad deyil. Heç kəs burada ərköyünlük edə bilməz. Qanunun tələbləri ilə də həmin insanlar intizama dəvət olunacaqdır.
Dağlıq Qarabağ məsələsi ilə bağlı, doğrudan da, çox uğurlu işlər gedir. Mən bir məsələyə toxunmaq istəyirəm. Bir neçə gün bundan qabaq NATO-ya daxil olan dövlətlərin başçılarının Riqa sammitində ilk dəfə olaraq dövlət başçıları səviyyəsində ərazi bütövlüyünün tanınması məsələsi ilə bağlı qərar qəbul olunubdur. Bunun özü böyük bir məsələdir. Cənubi Qafqazda olan ərazilərin tanınması məsələsi NATO-nun sənədlərində də öz əksini tapıbdır. Mən hesab edirəm ki, bu məsələnin müzakirəsi ilə əlaqədar kifayət qədər məlumatlar var və erməni mənbələrinə əsaslanıb hər hansı bir fikir söyləməyə əsas yoxdur.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlarım! Mən bu gün bir məsələyə toxunmaq istəyirəm. Bu barədə dünən Lider televiziyası ilə də bir süjet getdi. Bu gün bizim körpələrin doğum şəhadətnaməsində çox ciddi nöqsanlara yol verilir. Həmin şəhadətnamədə milliyyət qrafası ilə bağlı bir neçə jurnalist araşdırması oldu. Mən özüm də maraqlandım. Həmin qrafada milliyyət göstərilmir, ya defis işarəsi qoyulur, ya da “yox” sözü yazılır. Mən rayon idarələrində bu barədə şifahi şəkildə sorğu keçirdim. Bəlli oldu ki, bu, təsadüfi hal deyildir və artıq bəlkə də yüzlərlə bu cür hallar var. Mənə elə gəlir ki, bu, təhlükəli bir meyildir. Əgər bu gün Azərbaycan vətəndaşının milliyyəti göstərilmirsə və yaxud da həmin qrafada “yox” sözü yazılırsa, bu hansı məqsədə xidmət edir? Mən hesab etmirəm ki, bu, sırf texniki yanlışlıqdır, yaxud da təsadüfi bir hadisədir.
Burada çox ciddi narahatlıq doğuran məqamlar ola bilər. İlk növbədə düşünürəm, ən təhlükəli məqamlardan biri budur ki, Azərbaycan ərazisinin milli tərkibinin süni şəkildə dəyişdirilməsinə cəhddən söhbət gedə bilər. Hamımız çoxmillətli bir ölkədə yaşayırıq. Təbii ki, bizim ən böyük sərvətimiz də müxtəlif dinlər, millətlər arasında mehriban münasibətin mövcud olması ilə bağlı şəraitdir. Biz bununla fəxr etməliyik. Amma eyni zamanda, digər millətlərin göstərilməsi, milli mənsubiyyətlərin açıq şəkildə qeyd olunması və azərbaycanlıların belə bir qrafadan məhrum olması, təbii, suallar doğura bilər. Bu da mənə elə gəlir ki, gələcəkdə süni şəkildə milli, siyasi zəmində problemlərin yaranmasına gətirib çıxara bilər. Ona görə də, hörmətli Oqtay müəllim, bu barədə müvafiq qurumlar qarşısında məsələ qaldırılmalı və məsələyə aydınlıq gətirilməsi tələb olunmalıdır. Əgər bu, texniki xətadırsa, aradan qaldırılmalıdır, yox bilərəkdən edilibsə, hüquqi məsuliyyəti olmalıdır, bunu edən şəxslər cavabdehlik daşımalıdırlar. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bu gün hamıya söz vermişik. Buyurun, Asəf Hacıyev.
A. Hacıyev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli millət vəkilləri! Mən bir məsələyə diqqətinizi yönəltmək istəyirəm. Azərbaycanda xarici şirkətlər tərəfindən ortaya bir fənd atılıbdır. Bununla bağlı qiymətlər Azərbaycanda qalxır. Mən konkret olaraq deyəcəm. Demək bunlar əvvəlcə qiyməti ABŞ dollarında elan edirlər. Sonra özlərindən bir kurs tapırlar, tutaq ki, 1 manat 0.9 dollardır. Bu qiyməti keçirdirlər manata. Beləliklə qiymət 10-15% artır. Bir də yenidən dollarla hesablayanda qiymət təxminən 20% artır. Konkret olaraq söhbət Park Hayat otelinin bütün xidmət sistemindən gedir. Mən onlara dəfələrlə bu haqda demişəm. Bu, Azərbaycanda istər-istəməz digər qiymətlərin də qalxmasına gətirib çıxarır. Mən hesab edirəm ki, kursu Milli Bank verməlidir ki, heç kəs istədiyi kursla ABŞ dollarını və ya digər valyutanı Azərbaycan manatına çevirməsin. Bu birinci məsələ.
İkinci məsələ. Mərkəzi Klinik Xəstəxana haqqında demək istəyirəm. Orada da müxtəlif xidmətlər üçün yüksək qiymətlər qoyulub. Mən, sadəcə, bir misal gətirəcəm. Almaniyanın ən bahalı xəstəxanasında 3-5 min avroya edilən əməliyyatı Mərkəzi Klinik Xəstəxanada 25 min ABŞ dollarına edirlər. İnsan xəstələnir, ağır vəziyyətə düşür, bilmir bu qiymətlərlə mübarizə aparsın… Ona görə də mən hesab edirəm ki, bu xəstəxanada da qiymətlər Səhiyyə və Vergilər nazirlikləri tərəfindən nəzərdən keçirilməlidir. İnsan xəstələnəndə ona belə bir ağır şərtlər qoymaq olmaz. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. 45 dəqiqə müzakirə apardıq, 13 millət vəkili müzakirədə iştirak etdi. Mənə elə gəlir ki, cari məsələlərlə bağlı çıxışlar kifayət edər. Gündəliyə keçək. Gündəliyin birinci məsələsi Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Konstitusiya qanununun layihəsi barədədir. Söz verilir Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayevə.
R. Rzayev, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında Azərbaycan Respublikasının Konstitusiya qanunu layihəsi ikinci oxunuşda müzakirəyə təqdim olunmuşdur. Bildiyiniz kimi, birinci oxunuşda komissiyanın sədri Əli müəllim bu qanun layihəsi barəsində ətraflı şəkildə fikirlərini söyləmişdir. Yaz sessiyasında biz bunu birinci oxunuşda qəbul etmişdik.
Hörmətli Milli Məclis üzvləri, beynəlxalq hüquqda sülh və insanlıq əleyhinə, habelə müharibə cinayətlərinə görə zaman məhdudiyyəti olması prinsipi mövcuddur. Beynəlxalq normalar qeyd olunan cinayətlərin məsuliyyət prinsiplərini və tərifini müəyyən edir. Cəzaların növləri isə daxili qanunvericilikdə təsbit olunur. Bu baxımdan beynəlxalq cinayətlər müəyyən edən normalar birbaşa tətbiq oluna bilmir. Bildiyiniz kimi, Azərbaycanda Cinayət Məcəlləsi 2000-ci ildə qüvvəyə minmişdir. Cinayət Məcəlləsinin Xüsusi hissəsində vəziyyəti ağırlaşdıran cinayət hüquq normalarının geriyə şamil olunmasını mümkün edən müddəa yoxdur.
Cinayət Məcəlləsinin 10.4-cü maddəsində birbaşa göstərilir ki, şəxsin vəziyyətini ağırlaşdıran cinayət qanununun geriyə qüvvəsi yoxdur. Cinayət Məcəlləsinin Sülh və insanların əleyhinə və müharibə cinayətləri fəsillərində də bu baxımdan xüsusi qeyd nəzərdə tutulmayıb. Qeyd etmək lazımdır ki, Konstitusiyanın 151-ci maddəsinə əsasən konstitusiya və referendum yolu ilə qəbul edilmiş qanunlar istisna olmaqla hüquq sistemində Azərbaycanın tərəfdar çıxdığı beynəlxalq müqavilələrə üstünlük verilir. Digər tərəfdən Azərbaycan Respublikasının Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndinə görə şəxsin hüquqi məsuliyyətini ağırlaşdıran hallarda qanunun geriyə qüvvəsi məhdudlaşır. Bu da bildiyiniz kimi, yüngülləşdirici hal olduqda mümkündür, ağırlaşdıran hal olduqda mümkün deyil. Bundan əlavə Konstitusiyanın 71-ci maddəsi yalnız törədildiyi zaman qüvvədə olmuş qanunvericilikdə cinayət hesab edilən əməllərə görə məsuliyyətə cəlb etməyə icazə verir. Müzakirənizə təqdim olunmuş Konstitusiya qanunu layihəsinin məqsədi Azərbaycan Respublikasında beynəlxalq cinayətlərin returaktiv tətbiqini legitimləşdirmək məqsədi daşıyır. Buna görə də təklif edirəm, bu layihəni ikinci oxunuşda qəbul edək. Hər hansı bir sual olsa, cavab verərik.
Sədrlik edən. Çox sağ olun. Sualınız var? Buyurun, Baba Tağıyev.
B. Tağıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Azərbaycan Respublikası Konstitusiyasının 147-ci maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiyası Azərbaycan Respublikasında ən yüksək hüquqi qüvvəyə malikdir. 149-cu maddədə göstərilmişdir ki, normativ hüquqi aktlar Konstitusiyaya zidd olmamalıdır. Konstitusiyanın 151-ci maddəsinə görə “Azərbaycan Respublikasının (Azərbaycan Respublikasının Konstitusiyası, referendumla qəbul edilən aktlar istisna olmaqla) qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir”. Lakin burada Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna edilməlidir. Belə halda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinə görə Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Azərbaycan Respublikası Prezidentinin, Azərbaycan Respublikası Milli Məclisinin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin, Azərbaycan Respublikası Ali Məhkəməsinin, Azərbaycan Respublikası Prokurorluğunun, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sorğusu əsasında Azərbaycan Respublikasının Konstitusiyasını və qanunlarını şərh edir.
Azərbaycan dövləti Azərbaycan Respublikasının Konstitusiyasına istinad etməlidir. Sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırımı, müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericilik normalarının və Azərbaycan Respublikasının Konstitusiyasının tətbiqi zamanı onların şərh edilməsi üçün Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinə müraciət edilməlidir. Sadalanan cinayətlər Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin xüsusi, XVI fəslində qeyd olunmuşdur. Məsələ burasındadır ki, XVI fəsildə qeyd olunan bu cinayətlər beynəlxalq cinayətlər sırasına daxildir. Dövlətlərin universal cinayət yurisdiksiyasına görə müharibə cinayətləri, sülh və insanlıq əleyhinə cinayətlər bütün dövlətlərin maraqlarına toxunur, beynəlxalq münasibətlər, beynəlxalq hüquq normaları üçün təhlükəlidir. Bunun üçün də dünyanın istənilən dövləti bu cür cinayət əməlləri ilə bağlı yurisdiksiya həyata keçirə bilər.
Doğrudur, BMT Nizamnaməsinin 2-ci maddəsində beynəlxalq hüququn göstərilən bir sıra əsas prinsiplərinə görə dövlətlərin daxili yurisdiksiyasında olan işlərə qarışmamaq nəzərdə tutulmuşdur. Bu prinsip Avropada Təhlükəsizlik və əməkdaşlıq üzrə Helsinki Müşavirəsinin 1 avqust 1975-ci il tarixli Yekun Aktında da əks olunmuşdur. Lakın əgər dövlət hər hansı məsələ ilə əlaqədar üzərinə beynəlxalq öhdəlik götürmüşsə, bu artıq onun daxili məsələsi deyil. Bununla belə dövlətlərin həmin prinsiplərə istinad etmələrini istəyən təşkilatlar, iri dövlətlər Dağlıq Qarabağ məsələsində bu prinsipləri unutmuşlar. Azərbaycan Respublikası torpaqlarının bir hissəsinin işğal altında olması ölkələrin ərazi bütövlüyü prinsipini pozmuşdur. Narkotik maddələrin yetişdirilməsi, dövriyyəsi Azərbaycan Respublikasının ərazisində həyata keçirilməkdədir. Bu gün artıq Qarabağ problemi təkcə Azərbaycan xalqının problemi deyil. “Qarabağ problemi” dedikdə, sadəcə olaraq, torpaqlarımızın işğal altında olmasını nəzərdə tutmamalıyıq. Biz torpaqlarımızın işğal olunmasının bütün dünyanın, Cənubi Qafqazın problemi olduğunu beynəlxalq cəmiyyətə çatdırmalıyıq. Mən bu məsələ ilə bağlı fikirlərimi millət vəkillərinə çatdırdım. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Nə təklif edirsiniz? Gündəlik barədə çıxış edirdiniz?
B.Tağıyev. Təklif məndən olsa da, həllini Siz deyəcəksiniz.
Sədrlik edən. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 12.55 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 98
Nəticə: qəbul edildi

Hörmətli millət vəkilləri, Konstitusiya qanununun qəbul edilməsi üçün 95 nəfər səs verməli idi. Ona görə, xahiş edirəm, bir də səsvermə keçirək.

Səsvermənin nəticələri (saat 12.56 dəq.)
Lehinə 105
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 105
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Keçirik gündəliyin ikinci məsələsinə. “2005-2007-ci illər üçün narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə qarşı mübarizədə Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin əməkdaşlıq Proqramı haqqında” Qərarın təsdiq edilməsi barədə məsələyə iki komissiyada baxılıb. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev, buyurun.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə ilə bağlı 2005-2007-ci illər üçün MDB ölkələrinin əməkdaşlıq Proqramı 16 sentyabr 2004-cü ildə Astana şəhərində Dövlət Başçıları Şurasının qərarı ilə təsdiqlənib. Konstitusiyanın 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq Prezident qeyd olunan qərarı təsdiq olunmaq üçün Milli Məclisə təqdim etmişdir. Proqramın məqsədi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizədə MDB iştirakçısı olan ölkələrin dövlət orqanlarının əməkdaşlığını təmin etməkdir. Proqramda bu sahədə müəyyən məsələlərin həlli yolları göstərilir. Beynəlxalq hüquqi bazanın genişləndirilməsi, milli qanunvericiliyin təkmilləşdirilməsi, xüsusi əməliyyatların birgə keçirilməsi, informasiya mübadiləsinin təminatı, mütəxəssislərin ixtisasının artırılması nəzərdə tutulur.
Bildiyiniz kimi, proqramın həyata keçirilməsi üzrə müəyyən işlər görülüb, hal-hazırda davam edir. Məsələn, 2005-ci ildə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Qanun qəbul olunmuşdur. Cinayət Məcəlləsində narkotik vasitələrin şəxsi istehlak miqdarından artıq hissəsi qanunla müəyyən edilib. Yaz sessiyası isə Mərkəzi Asiya regionunda, Düşənbə şəhərində keçirilmişdir. Regionlararası əməliyyat qrupunun yaradılması üzrə bağlanmış saziş təsdiqlənib. Qeyd etmək lazımdır ki, cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə MDB ölkələrində gizlənən şəxslərin aşkar edilib, məsuliyyətə cəlb olunması beynəlxalq əməkdaşlıq şəraitində həyata keçirilir. Bu baxımdan qərarın təsdiq olunması barədə qanunun qəbul olunmasını təklif edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Elmira Axundova, buyurun.
E. Axundova. Çox sağ olun. Təqdim olunan qanun layihəsi, məncə, çox lazımlı və aktualdır. Mən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı MDB dövlətlərinin proqramını dəstəkləyir və deputat həmkarlarımı bu proqramın təsdiqlənməsi üçün səs verməyə çağırıram. Lakin məni bir sual düşündürür. Xahiş edərdim ki, Rövşən müəllim bu suala cavab versin. Proqram 2005-2007-ci illəri əhatə etdiyi halda biz onu 2006-ci ilin dekabr ayında təsdiq edirik. Halbuki proqramın bir çox müddəaları 2005-ci və 2006-cı illərdə realizə olunmalı idi. Sualım ondan ibarətdir ki, bu günə qədər proqramda ötən müddət üçün göstərilən məsələlər öz həllini tapıb, ya yox? Yəni bu proqram 2005-ci ildən bu günə qədər realizə olunubmu? Ya da bu proses bizim təsdiqimizdən sonra başlanacaq? Əgər belədirsə, onda biz nəyə görə 16 sentyabr 2004-cü ildə imzalanan bu qərarı yalnız iki ildən sonra parlamentdə təsdiq edirik, bir qədər gecikmiş bir addımdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən də hörmətli həmkarım Elmira xanımın fikirlərini dəstəkləyirəm və istərdim ki, bu məsələyə aydınlıq gətirilsin. Oqtay müəllim, mən onu da qeyd etmək istəyirəm ki, biz MDB üzvü olan dövlətik, amma buna baxmayaraq, bu qurumda aparıcı rol oynayan Rusiya Azərbaycana satılan qazın qiymətini qaldırır, elektrik enerjisinin verilməsini xeyli dərəcədə məhdudlaşdırır. Qışın bu oğlan çağında, qış qapının ağzını kəsəndən sonra bu addımı atıblar. Mən Azərbaycan Respublikası Prezidentinin müşavirədə söylədiyi bir fikri dəstəkləyirəm və hesab edirəm ki, hər kəs bunu müdafiə etməlidir. Bu da ondan ibarətdir ki, Bakı-Tbilisi-Ceyhanla müqayisədə Azərbaycana 5 dəfə baha başa gələn Bakı-Novorossiysk kəməri ilə neftin axını dayandırılmalıdır. Mən təklif edərdim ki, Milli Məclisin deputatları də təşəbbüslə çıxış etsinlər, öz etirazlarını bildirsinlər. Vaxtilə Rusiya Kubadakı RLS-ə görə 200 milyon dollar ödəyirdi. Amma Azərbaycana cəmi illik 7 milyon ödəyir. Biz RLS-in icarə qiymətini qaldırmalıyıq və Rusiyaya daha baha qiymətə icarəyə verməliyik.
Bundan başqa, Rusiyanın keyfiyyətsiz “Jiquli” avtomobillərinin Azərbaycana gətirilməsinin qarşısını almalıyıq. Cənubi Koreyanın maşınları onlardan qat-qat keyfiyyətlidir. Amma rüsuma görə onların qiymətləri baha başa gəlir. Mən hesab edirəm ki, biz bu məsələlərə də baxmalıyıq. Bu qurum Azərbaycanın bütövlüyünü tanımır. Məndən öncə burada Siyavuş müəllim çıxış etdi. NATO Azərbaycanın ərazi bütövlüyünü tanıyır, amma halbuki, MDB üzvüyük, NATO-nun üzvü deyilik. Rusiya MDB-yə daxil olan respublikaların ərazi bütövlüyünü tanımaqla bağlı bəyanatla çıxış etməkdən imtina edir. Belə bir qurumda bizim qalmağımızın nə mənası var? Mənə elə gəlir ki, biz bu məsələni də gündəmə gətirməliyik və Azərbaycan bu məsələlərlə bağlı öz kəskin etirazını bildirməlidir. Tək Prezident yox, Azərbaycanın qanunvericilik orqanı da, Azərbaycan ictimaiyyəti də öz səsini, etirazını bu məsələlərə görə bildirməlidir. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Birinci sualınıza Rövşən Rzayev cavab verəcək. Amma ikinci sualınızla bağlı deyim ki, Rusiya öz qazını, neftini ixrac edir. Azərbaycan da neft və qaz ixrac edən ölkədir. Biz onlara qiymət diktə edə bilmərik. Onlar tək Azərbaycana yox, hamıya nefti, qazı həmin qiymətdə verirlər. Azərbaycan da aciz deyil. Azərbaycan özü bu məsələnin öhdəsindən gələcək, imkanlar var. Hökumət bunun üzərində işləyir. Lazım olanda Siz deyən kimi, Novorossiysk neft kəməri ilə ötürüləcək nefti mazuta çevirib elektrik enerjisindən istifadə etmək olar. Bu məsələ ilə məşğul olunur, burada heç bir narahatlığa əsas yoxdur. Hansı dövlətə qazını hansı qiymətlərlə satmaq isə Rusiyanın öz işidir. Şəmsəddin Hacıyev.
Ş. Hacıyev. Oqtay müəllim, mən soruşmaq istəyirəm. Şübhəsiz ki, biz bu qanun layihəsini dəstəkləyirik və buna səs verəcəyik. Burada belə cümlə var: “prekursorlarının qanunsuz dövriyyəsi”. Əgər bu, beynəlxalq termindirsə, aydındır. Amma öz dilimizdə, Azərbaycan türkcəsində bunu əvəz edəcək bir söz tapmaq mümkün deyilmi?
Sədrlik edən. Bu, beynəlxalq sözdür, həmişə elə qəbul olunub və elə də gedir. Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Oqtay müəllim. Elmira xanımın sualına cavab olaraq bildirmək istəyirəm ki, həqiqətən də, 2004-cü ildən, imzalandığı andan 2005-2007-ci illər üçün proqram üzrə işlər gedir və bu gün də davam etdirilir. Çıxışımda da qeyd etdiyim kimi, bir daha bildirmək istəyirəm ki, Azərbaycanda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Qanunu özümüz qəbul etmişik. Həmin qanunda şəxsi istehlak miqdarını da müəyyən etmişik. Bu gün xüsusi əməliyyatların birgə keçirilməsi də, informasiya mübadiləsi də təmin edilir. Bu işlərin hamısı nəinki Azərbaycanın, eləcə də MDB ölkələrinin, bu proqrama qatılan ölkələrin birbaşa marağında olan məsələlərdir. Bu gün təqdim olunmuş qanun layihəsini səsə qoyub dəstəkləməyinizi sizdən xahiş edirəm.
Sədrlik edən. Çox sağ olun. Başqa təklif yoxdursa, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.05 dəq.)
Lehinə 94
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 94
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Gündəliyin üçüncü məsələsi Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə Kredit Sazişinin təsdiq edilməsi barədədir. Bu məsələyə dörd komissiyada baxılıb. Çıxış etmək üçün Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri Valeh Ələsgərova söz verilir.
V. Ələsgərov, Azərbaycan Respublikası Milli Məclisi Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım, hörmətli qonaqlar, xanımlar və cənablar! Sizin icazənizlə gündəliyin növbəti məsələsi ilə əlaqədar, yəni Azərbaycan Respublikası və OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə Kredit Sazişi haqqında qısa və eyni zamanda, Kredit Sazişinin təsdiq edilməsi üçün yetərli ola biləcək məlumatı sizlərə təqdim edim.
Nəzərə almaq lazımdır ki, bu Kredit Sazişi Milli Məclisin, Oqtay müəllim dediyi kimi, dörd daimi komissiyasında müzakirə olunub. Təbii ehtiyatlar, energetika və ekologiya məsələləri daimi komissiyasında, İqtisadi siyasət daimi komissiyasında, Aqrar siyasət daimi komissiyasında, Beynəlxalq münasibətlər və parlamentlərarası münasibətlər daimi komissiyasında 41 deputatın iştirakı ilə müzakirə olunub və bu sazişin təsdiqə verilməsi yekdilliklə tövsiyə edilib. Kredit Sazişi həm müvafiq komissiyalar tərəfindən, həm də müvafiq hökumət urumları tərəfindən ən yüksək hüquqi, iqtisadi, maliyyə standartlarına cavab verən bir sənəd kimi qəbul edilib və tanınır. Bu saziş çərçivəsində kreditin verilmə, istifadə, ödənilmə şərtləri Azərbaycan üçün çox əlverişlidir. Bunların hamısını nəzərə alaraq əminəm ki, Kredit Sazişi həmkarlarım tərəfindən birmənalı dəstəklənəcək və təsdiq ediləcək. Ancaq məlumat üçün bəzi arayışları verim.
Samur-Abşeron suvarma kompleksi Ceyranbatan su anbarı ilə birlikdə yarım əsrdən artıq müddət ərzində respublikamızın şimal-şərq rayonlarını, Abşeron yarımadasını, Bakı və Sumqayıt şəhərlərini suvarma, texniki, içməli və digər məqsədlər üçün su ilə təmin edir. Bu məqsədlər üçün Samur-Abşeron kanalı vasitəsi ilə ildə orta hesabla 750 milyon kubmetrə yaxın su verilir. Bunun da yarısına yaxın hissəsi 150 min hektar torpaq sahəsinin suvarılması, qalan yarısı da içməli su kimi, texniki və sair məqsədlər üçün istifadə edilir. Sözsüz, yarım əsrə yaxın istifadədə olan, işlədilən bu kompleksdə yenidənqurma, genişləndirilmə işləri uzun müddətdir ki, tələb olunurdu. Bunların da əsas səbəbləri kompleksin xidmət etdiyi ərazidə əhalinin artımı, yeni torpaq sahələrinin suvarılma suyu ilə təmin edilməsinə olan ehtiyac və sairdir. Bu kanalın genişləndirilməsi, bərpası, yenidənqurma işləri 30 min hektara yaxın yeni sahənin suvarılmasını təmin etməyə imkan verəcəkdir.
On illər ərzində kompleksin su buraxma qabiliyyətinin kəskin şəkildə aşağı düşməsi və itkilərin artması bu kanalın yenidən qurulmasını tələb edirdi. Uzun müddətdir ki, bu məsələlərlə müvafiq icra hakimiyyəti orqanları məşğul olurlar. Birinci mərhələdə müvafiq vəsaitlər ayrılmaqla, o cümlədən beynəlxalq qurumların kreditləri hesabına müvafiq sxemlərin, texniki-iqtisadi əsaslandırma və sair sənədlərin hazırlanması nəticəsində Samur-Abşeron kanalı sisteminin bəzi işləri artıq görülüb və görülməkdə davam edir. Samur çayı üzərindəki baş su qəbuledici qurğunun təmir-bərpası artıq başa çatdırılıb. Baş su durulducusunun tikintisi başa çatıb. Təsərrüfatlararası kanalların bərpası üzrə çox böyük işlər görülür və bunlar davam edir. Kanalın 50 kilometrlik hissəsinin təmir-bərpası davam edir. Kanalın 67,2 kilometrinin tikintisi 2001-2006-cı illərdə aparılıb və başa çatdırılıb.
Bu gün müzakirə etdiyimiz saziş çərçivəsində ayrılan 8 milyon dollar vəsait başqa vəsaitlərlə birlikdə Vəlvələçay – Taxtakörpü kanalının tikintisi üçün nəzərdə tutulub. Kompleksin bu hissəsində 2006-2009-cu illərdə görüləcək işlər üçün 42,6 milyon ABŞ dolları məbləğində vəsait lazımdır. Bunun 6,5 milyonunu Azərbaycan tərəfi, qalan hissəsini isə İslam İnkişaf Bankı, Səudiyyə İnkişaf Fondu və OPEK Fondu təmin edir. Həmin işlər bu Kredit Sazişi çərçivəsində ayrılan 8 milyon dollar hesabına aparılacaqdır. Bu işlərin aparılması nəticəsində Vəlvələçay – Taxtakörpü kanalının tikintisi təmin olunacaqdır. Bundan başqa, Dövlət Neft Fonduna ayrılmış vəsaitlər hesabına 2005-2010-cu ildə Taxtakörpü su anbarının su-elektrik stansiyası ilə birlikdə tikintisi nəzərdə tutulub. Taxtakörpü su anbarından öz axarı ilə Ceyranbatan gölünə qədər 112 kilometr uzunluğu olan kanalın tikintisi nəzərdə tutulub.
Taxtakörpü – Ceyranbatan kanalının layihə və tender sənədləri hazırlanır. Hazır olandan sonra bu işlərə başlanılacaqdır. Nəticədə 150 min hektar suvarılan sahədə təsərrüfatlararası kanalların, irriqasiya, drenaj və sair işlər görüləcək. Mövcud torpaq sahələri su ilə təmin olunacaqdır. Yeni suvarma sistemi ilə əlavə sahələr su ilə təmin olunacaqdır. Samur-Abşeron kanalının su buraxma qabiliyyəti saniyədə 20 min kubmetrə qədər artacaq. Bu illik 620 milyon kubmetr deməkdir. Taxtakörpü su anbarından Ceyranbatan su anbarına qədər kanalın çəkilməsi nəticəsində su öz axarı ilə gəldiyinə görə Sitalçay və Ceyranbatan nasos stansiyalarının işlənməsinə artıq ehtiyac qalmayacaq. Nəticədə bugünkü qiymətlərlə istifadə olunan elektrik enerjisi üzrə 13-15 milyon dollar qənaət əldə ediləcəkdir. Nasos stansiyalarının xidməti, təmiri və sairi nəzərə alsaq, qənaət bundan da artıq ola bilər. Taxtakörpü su anbarı 268 min kubmetr su tutumuna malik anbar olacaqdır. Bundan sonrakı mərhələdə 7 dağ çayının qarşısında bəndlərin qurulması, ildə iki dəfə dənizə gedən suların qarşısının alınması və həmin suların hamısının su anbarında yığılması ekoloji cəhətdən təmiz içməli suyun istifadəsi üçün şərait yaradacaqdır.
Sazişlə yəqin ki, tanış olmusunuz. Belə sazişlər üçün standart bir şəkildə yazılıb hazırlanmış sazişdir, yenilik yoxdur. 8 milyon dollar kreditin ayrılması, işlənilməsi, ödənilməsi şərtləri göstərilir. Ödənilmə cədvəlinə və ayrılma şərtlərinə fikir versəniz görərsiniz ki, bu kredit həddindən artıq əlverişli şərtlərlə verilir. Əminəm ki, saziş sizin tərəfinizdən dəstəklənəcək və təsdiq ediləcəkdir. Bu layihə uğurla davam ediləcək və həyata keçiriləcəkdir. Suallarınız olsa, mən də cavab verməyə hazıram. Hörmətli qonaqlarımız, Maliyyə Nazirliyinin və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin səlahiyyətli şəxsləri buradadırlar. Suallarınız olsa, cavab verməyə hazırıq. Müzakirəyə ehtiyac duysanız, müzakirə edək. Əminəm ki, bu Sazışı təsdiq edəcəyik. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin  birinci müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Çox sağ olun. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə, buyurun.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Valeh müəllim çox ətraflı məlumat verdi. Bizim İqtisadi siyasət daimi komissiyasında bu saziş müzakirə olunub. Deyilənlərə əlavəm yoxdur. Komissiyanın adından xahiş edərdim ki, millət vəkilləri bu vacib sazişi dəstəkləsinlər. Çünki bu Saziş, Valeh müəllim dedi, əlverişli şərtlərlə müəyyən olunmuş sazişdir. Azərbaycanın su təsərrüfatında böyük rolu olan Samur-Abşeron sisteminin təkmilləşdirilməsinə yönəlib və bütövlükdə Azərbaycanda su balansının təkmilləşdirilməsində, keyfiyyətinin yaxşılaşdırılmasında öz rolunu oynayacaqdır. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Aqrar siyasət daimi komissiyasının sədri Eldar İbrahimov.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Hörmətli həmkarımız Valeh müəllim saziş haqqında fikirlərini hərtərəfli, geniş dedi. Mən demək istəyirəm ki, bu saziş, doğrudan da, Azərbaycan üçün çox əlverişli bir sazişdir. Vəlvələçay – Taxtakörpü kanalı ilə əlaqədar 8 milyon dollar kredit verilir. Ancaq əlverişli cəhət budur ki, kredit 2010-cu ildən başlayaraq düz 15 il, 2025-ci ilə qədər hər il 266,6 min dollar hesabı ilə geri qaytarılacaq və 2010-cu ilə qədər görüləcək işlər və Valeh müəllimin dediyi kimi, Samur-Abşeron irriqasiya sistemi istifadəyə veriləndən sonra 8 milyon dollardan da artıq gəlir verəcək. Bu kredit çox əlverişli faizlə ödəniləcəkdir. Bizim komissiyada bu layihəyə ətraflı baxılıb və müzakirə olunubdur. Hörmətli deputat həmkarlarım, yəqin ki, bu qanun layihəsini müdafiə edərlər və səs verərlər. Bu Kredit Sazişi Azərbaycanımızın aqrar sahəsinin inkişafına çox əlverişli bir şərait yaradacaq. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm. Hörmətli sədarət, hörmətli deputatlar! Mən Azərbaycan Respublikası ilə OPEK Beynəlxalq İnkişaf Fondu arasında Samur-Abşeron irriqasiya sistemi layihəsi üzrə Kredit Sazişinin bağlanmasının tərəfdarı kimi çıxış edirəm. Ancaq layihəyə əlavə edilmiş Vəlvələçay – Taxtakörpü kanalının tikintisi üçün alınacaq 8 milyon ABŞ dollarının geri qaytarılması üçün tərtib edilmiş 2010-2025-ci illəri əhatə edən III cədvəli gördükdə istər-istəməz alınacaq bu pulun xərclənməsinə nəzarət mexanizmi haqqında düşünməli oldum. Bəlkə də mən bu layihə haqqında çıxış etməzdim. Ancaq belə layihələrin icrası ilə bağlı çox ciddi məqamlar var ki, onlar məni çıxış etməyə vadar etdi. Azərbaycanda kifayət qədər fakt göstərmək olar ki, ölkə kredit sifarişlərinə gedir. Lakin bu pulların xərclənməsinə lazımi nəzarət olmadığından onların xeyli hissəsi mənimsənilir, dövlət isə xeyli hissəsi mənimsənilmiş krediti 10-15 il müddətində qaytarmaq məcburiyyətində qalır.
Seçildiyim İmişli rayonunda vaxtilə mən dediklərimin şahidi olmuşam. Azərbaycan hökuməti ilə Almaniya hökuməti arasında bağlanmış sazişə görə kommunal infrastruktura yardım məqsədi ilə 2001-2002-ci illərdə İmişli rayon mərkəzinin içməli su təchizatı sistemlərinin yenidən qurulması üçün ayrılmış 3,4 milyon avronun xərclənməsinə nəzarət olmadığından rayon mərkəzinin su xətti elə vəziyyətə salındı ki, əhali onun acı nəticələrini indi də dadmaqdadır. Həmin vaxta qədər rayon camaatı 1970-ci illərdə çəkilmiş su xəttindən istifadə edirdi. Saz halda olan bu xətlərdəki su o qədər təmiz idi ki, insanlar Araz çayından və ya həyətlərindəki artezian su quyularından istifadə etmir, həmin sudan istifadə etməyi üstün tuturdu. Ancaq qeyd etdiyim layihə çərçivəsində rayon mərkəzinin su təchizatı yaxşılaşmaq əvəzinə elə bərbad hala salındı ki, indiyə qədər də onun fəsadlarını aradan qaldırmaq mümkün olmamışdır. Rayonun abad küçələri bərbad vəziyyətə salındı. Qazılmış kanalların torpaqla doldurulması və yenidən asfaltlaşdırılması tamamilə unuduldu. Təsəvvürünüzə gətirin ki, rayon sakinləri düz 2 il torpaq topalarının, palçığın üstündə gəzməli oldular. Yalnız 2 ildən sonra yerli büdcə hesabına küçələri qismən bərpa etmək mümkün oldu.
İkincisi, köhnə boruların yalnız bir hissəsi dəyişdirildi, nəticədə köhnə borularla yeni plastik boruların birləşdirilməsi problemi ortaya çıxdı. Bu birləşdirmə ayrı-ayrı küçələrdə elə primitiv üsulla həyata keçirildi ki, xəttə su vurulanda əksər xətlər təzyiqə dözmədi, bir çox küçələr su altında qaldı. Həmin problem bu gün də qalmaqdadır. Yerli mütəxəssislər özlərinə məxsus qaydada bu problemin həllini tapıb küçələrin su basmasının qarşısını almaq üçün borulara suyu aşağı təzyiqlə vururlar.
Üçüncüsü və ən dəhşətlisi suyun köhnə dəmir borularla çəkilməsidir. Yəni müasir standartlara cavab verən plastik borular əvəzinə İmişlinin bəzi küçələrində neft quyularından sökülmüş köhnə borularla su çəkildi ki, bunun da fəsadlarını, təkrar edirəm, yerli sakinlər gündəlik həyatlarında hiss edirdilər. Su kranı açılanda təxminən bir saat gözləmək lazımdır ki, paslı su durulsun. Keçən il hətta rayonda zəhərlənmə halları da müşahidə edilib. Nəticəyə baxın, ayrılan kredit nəinki təyinatına görə xərcləndi, vəsaitin mənimsənilməsi səbəbindən hətta həyat üçün təhlükəli köhnə dəmir borulardan su xətti kimi istifadə edilməsinə rəvac verdi. Bu dediklərim faktdır. Hər hansı komissiya vasitəsi ilə bu boruları torpaq altından çıxarıb dediklərimi sübut edə bilərəm. Təkrar edirəm, məhz ona görə baş verdi ki, Almaniya hökumətinin ayırdığı bu vəsaitin verilməsinə nəzarət mexanizmi olmadı. Ona görə də hesab edirəm ki, Milli Məclis belə kredit sazişlərini təsdiq edəndə onun icra mexanizmini də düşünməlidir. Sağ olun.
Sədrlik edən. Vahid Əhmədov.
V. Əhmədov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Ümumiyyətlə, bu layihəyə mən səs verəcəyəm, çünki layihə Azərbaycanda kənd təsərrüfatının inkişafına və su probleminin həllinə böyük təsir edən layihələrdən biridir. Bu, strateji layihədir. Amma bununla əlaqədar bir məsələyə toxunmaq istəyirəm. Son vaxtlar Milli Məclisin təsdiqinə kiçik maliyyə tutumlu layihələr verilir. Yəni 8 milyon dollar elə də böyük bir məbləğ deyil. Biz başa düşürük, “Əsrin kontraktı” kimi layihələr Milli Məclisdə təsdiq olunur. Yaxşı olardı ki, belə layihələr hökumət tərəfindən təsdiq olunsun. Əgər həmin OPEK və digər təşkilatlarla saziş imzalanırsa, həmin sazişə hökumət cavabdehlik daşısın və Milli Məclisdə təsdiqə ehtiyac qalmasın.
Mən başa düşürəm, həmin maliyyə vəsaitini verən təşkilatlar özlərini müəyyən hadisələrdən qorumaq üçün layihələri Milli Məclisin təsdiqinə verirlər. Amma biz faktik olaraq kiçik layihələri Milli Məclisə təsdiqə veririk. Bundan qabaq da təxminən 16 milyonluq bir layihəni təsdiq etdik. Artıq Milli Məclisin iclaslarında bu, adi hala çevrilir. Yəni 8-10 milyon, 15 milyon dollarlıq layihələr Milli Məclis tərəfindən təsdiq edilır. Tövsiyə edərdim ki, Azərbaycan hökuməti, ümumiyyətlə, bununla əlaqədar bir tədbir işləyib hazırlasın. Kiçik layihələrin Milli Məclisdə təsdiqinə o qədər də ehtiyac yaranmasın, yəni kiçik layihələr hökumət tərəfindən təsdiq olunsun, hökumət də cavabdehlik daşısın. Milli Məclisdə hökumətin və ya Maliyyə Nazirliyinin hesabatı dinləndikdə bizə bu barədə məlumat verilsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm, Ziyafət müəllim. Mən, ümumiyyətlə, neft gəlirləri Azərbaycana böyük miqdarda daxil olduqdan sonra xarici borclar hesabına vəsaitlərin alınmasının prinsipial şəkildə əleyhinəyəm. Bir tərəfdən biz külli miqdarda neft gəlirlərinin daxil olmasının Azərbaycan iqtisadiyyatı üçün yaratdığı problemlərdən danışırıq. Bunların səmərəli şəkildə xərclənməsinin çox ciddi zəhmət, təşkilati işlərin aparılmasını tələb etdiyini irəli sürürük, digər tərəfdən isə belə xarici borc xarakterli vəsaitləri tələb edirik. Sözün doğrusu, Milli Məclisdə bəzən son dövrlərdə bizə çox həvəslə investisiyalar verilməsini uğurlarımız kimi dəyərləndirirlər.
1990-cı illərdə qeyd edirdilər ki, biz bunları ödəyə bilməyəcəyik. Ona görə də bu cür layihələrin hazırlanmasına və həmin layihələr üzrə Azərbaycana borcların, kreditlərin verilməsinə beynəlxalq maliyyə təşkilatları tərəfindən çox ciddi şəkildə baxılırdı. Lakin indi böyük neft gəlirləri gözlənilir. Bu cür inkişaf fondları, müxtəlif maliyyə təşkilatları heç bir qayğı çəkmədən, həmin vəsaitlərin, həqiqətən, təyinatı üzrə xərclənib-xərclənməməsi barədə hətta özlərinin standartlarının tələb elədiyi nəzarəti həyata keçirmədən vəsaitləri təqdim eləyirlər, çünki neft çıxarılır. Neft gəlirləri gəlir və Azərbaycan hökuməti bizim burada səs verməyimizlə həm indiki vətəndaşların, həm də gələcək nəslimizin üzərinə borc yükləri yığır.
Deyirik ki, bunlar 10-15 il sonra ödəniləcəkdir. Həmin kredit sazişləri bizim diqqətimizə uğurlu addım kimi çatdırılır. Diqqəti cəlb eləyən odur ki, son dövrdə, məsələn, hansısa bir zavodun tikilməsi, yeni müəssisənin, fabrikin açılması ilə əlaqədar kreditlər verilmir. Belə çıxır ki, ya biz belə layihələri təqdim eləmirik, ya da dünya maliyyə təşkilatları, ayrı-ayrı fondlar bu məsələlərə maraq göstərmirlər. Əgər, həqiqətən, həmin investisiyalar üçün respublikamızda əlverişli şərait, mühit varsa və onlar müəyyən dividendlər gətirərsə, bu halda belə xarakterli layihələri təsdiq edərdik. Həmin fondlar heç vaxt xeyriyyə işləri ilə məşğul olmurlar, onlar da öz xeyirləri üçün bu layihələri irəli sürüb qəbul etdirirlər.
Amma diqqət edin, son 10 ildə Azərbaycana, qeyd etdiyim kimi, istehsal xarakterli heç bir kredit verilmir. Bunun əvəzinə su təchizatı, suvarma, irriqasiya ilə, kanalizasiyalarla bağlı xarici kreditlərin çoxluğu diqqəti cəlb eləyir. Azərbaycanın öz vəsaiti və əlaqədar nazirlikləri var. Azərbaycan hökuməti də bu işləri özü planlaşdırıb çox ciddi hesablamalar tələb eləməyən layihələri həyata keçirə bilər. Bunun üçün beynəlxalq maliyyə təşkilatlarının buraya gəlməsinə və bu pulları ayırmasına ehtiyac yoxdur.
Burada bizim Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin adı çəkildi. Bu cəmiyyət son dövrdə bir qayda olaraq xarici investisiya xarakterli layihələrə daha çox diqqət ayırır. Mən 2 gün qabaq rayonda idim. Rayonların bütün suvarma sistemləri pis haldadır. Rayonun Gəzli kəndində 150 nəfər seçicinin iştirakı ilə çox ciddi bir sorğu-suala məruz qaldım. Soruşurlar ki, əgər bu vəsait ayrılırsa, Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bu işləri görməlidirsə, nə üçün həmin sahədə irəliləyiş yoxdur. Nəticədə təkcə bir bələdiyyənin ərazisində 6 hektar əkin sahəsi hər il susuz qalır. Ona görə də, hörmətli millət vəkilləri, dediklərimin təsdiqi olaraq mən bu layihənin əksinə səs verəcəyəm və belə layihələrin Azərbaycan üçün ciddi nəticəsi olmaması da göz qabağındadır. Ciddi şəkildə, konseptual baxımdan kredit məsələlərinə yanaşmağın vaxtı gəlib çatıb. Sağ olun.
Sədrlik edən. Pənah müəllim, özünüz deyirsiniz ki, seçicilər məni sual atəşinə tutdular ki, filan ərazi susuz qalıbdır. Biz də su irriqasiya sisteminin təkmilləşdirilməsi ilə əlaqədar burada qanun layihəsi qəbul eləyirik. Bu kredit elə Sizin dediyiniz işlərə yönəldiləcəkdir. Bu məsələyə geniş cavab vermək üçün Maliyyə Nazirliyinin Xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Mərdan Mərdanov və Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin Elm, layihə, tikinti və xarici əlaqələr şöbəsinin müdiri Məmməd Əsədov iclasa dəvət olunublar. Sizlərdən danışmaq istəyən varmı? Buyurun, Valeh müəllim.
V. Ələsgərov. Çox üzr istəyirəm, mən məsələni təqdim elədiyimə görə çalışaram suallara cavab verim. Biliyim, savadım çatmasa, onda dəvət olunmuş yoldaşlar cavab verərlər. İltizam Əkbərli, hörmətli deputatımız kreditin istifadə olunmasına nəzarət barədə danışdı. İmişlidə necə tikilib, tikilməyib, xəbərim yoxdur. Əgər Siz desəydiniz ki, bu sazişdə nəzarət mexanizmi düzgün işlənilməyib, ya da qeyd olunmayıb, mən onu qəbul eləyərdim və Sizinlə baxmağa hazır idim. Ancaq, fikir versəniz, bu sazişdə nəzarət mexanizmi çox yüksək səviyyədə qeyd olunub. Yəni həmin vəsait krediti ayıran qurumun mütəxəssislərinin, ekspertlərinin iştirakı olmadan xərclənməyəcəkdir. Onlara hər bir xərclənən dollar, görülən iş haqqında məlumat veriləcəkdir. Mən bu sazişi təqdim eləmişəm və bu sazişlə əlaqədar müzakirələrə hazıram. Ola bilsin ki, İmişlidə, ya da başqa yerdə hansısa iş düzgün aparılmayıb. Ancaq qanunvericilik aktı olaraq, saziş olaraq bu sənədə etiraz varsa, mən dinləməyə hazıram.
İsbat eləməyə hazıram ki, bu sənəddə, o cümlədən nəzarət çox ciddi şəkildə və ən yüksək standartlara uyğun şəkildə öz əksini tapıb. Vahid müəllim, 8-10 milyonluq olmasına baxmayaraq, qanunvericiliyə görə hökumət tərəfindən imzalanan hər hansı saziş, hüquqi qüvvəyə malik bir sənəd Milli Məclisdə təsdiq edilməlidir. Əgər sabah millət vəkilləri, Milli Məclis qanun qəbul edərsə, 10 milyona qədər qiyməti olan sazişlər hökumət tərəfindən imzalanar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Vahid müəllim, beynəlxalq sazişlərin ratifikasiyası ilə əlaqədar qanunumuz var.
V. Ələsgərov. Vahid müəllim, məni çoxdan tanıyırsınız. Bilmədiyim şey haqqında mən heç vaxt danışmıram. Belə bir qanun qəbul olunsa, hökumət üçün limit qoyulsa ki, 8, 20, 50 milyona qədər dəyəri olan sazişlər və ya da filan-filan məsələlər hökumət tərəfindən imzalanıb icra edilə bilər, elə də olacaq. Amma hələlik belədir və belə olmalıdır.
Pənah bəy məsələ qaldırdı ki, külli miqdarda neft gəlirləri olan halda xarici kreditlərə ehtiyac yoxdur. Pənah bəy, bu iclasdan əvvəl mənim yanıma gəlsəydiniz, ya da məni dəvət eləsəydiniz, düzdür, mən yaşda sizdən böyüyəm, ona görə, yəqin, Siz mənim yanıma gəlməli idiniz, mən Sizə rəqəmlərlə göstərərdim ki, bu ödənmə cədvəlinə görə həmin 8 milyonu ildə 3 faiz olmaqla haradasa yerləşdirsək, 2025-ci ilin axırına qədər nə qədər pul qazanmaq olar. 2025-ci ilin axırına qədər 8 milyon həmin ödəniş cədvəli ilə nəyə gəlib çıxır? Ona görə də pulumuz lap başımızdan da aşsa, belə kreditlər varsa, götürmək lazımdır. Artıq pulumuzu da düzgün yerləşdirib, qiymətli kağızlara, aktivlərə çevirib istifadə etmək lazımdır və bütün dünya belə işləyir. Bu gün ən böyük borc götürən dövlət ən zəngin, ən qüdrətli dövlətdir.
Məlumat üçün deyirəm, 2005-ci ildə kreditlər, sərmayələr və sair 1 trilyon dollara yaxın olmuşdur. Həmin sərmayələrin 76 faizi dünyanın ən inkişaf etmiş 24 ölkəsində yerləşdirilib. Qalan 168 ölkədə bunun cəmisi 24 faizi yerləşdirilib. Bu gün biz bu sazişi müzakirə eləyirik. Neft-qaz layihələri ilə əlaqədar onlarca infrastruktur layihələrinə 20 milyon dollara yaxın sərmayə qoyulubdur. Yollar, elektrik stansiyaları, kanallar istehsalatdır. Malı mala qatmayaq. Gəlin, bu məsələni müzakirə eləyib səsə qoyaq, səs verək.
Sədrlik edən. Buyurun, Nazim Məmmədov.
N. Məmmədov. Təbii, Valeh müəllimin dedikləri ilə mən də şərikəm. İnfrastruktur layihələrinin icrası ilə bağlı borc almaq səmərəlidirsə, biz onu almalıyıq. Mənim sualım nədən irəli gəlir? Bu tipli müqavilələrdə, adətən, məsləhət və konsultasiya xarakterli xərclərə 20 faizə qədər vəsait nəzərdə tutulur. Həmin məsləhətlər də kredit verən tərəfin seçdiyi mütəxəssislər tərəfindən verilir. Dolayısı ilə həmin vəsait konsultasiya və məsləhət verən xarici təşkilatlara xərclənir. Azərbaycanda irriqasiya sistemində kifayət qədər mütəxəssislər var. Olmazmı bir qayda olaraq biz şərt qoyaq ki, Azərbaycan mütəxəssislərinin məsləhətindən istifadə edilsin? Çox sağ olun.
V. Ələsgərov. Çox üzr istəyirəm, Siz dediniz ki, vəsaitin 20 faizinə qədəri məsləhət üçün istifadə olunur?
N. Məmmədov. Müqavilədə nəzərdə tutulmuş xərclərin təqribən 20 faizinə qədəri konsultasiya xarakterli mütəxəssislərin cəlb olunmasına xərclənir.
V. Ələsgərov. Bu sazişdə elə bir bənd yoxdur. 75 faiz, deyəsən, çıxarılmış və ödənilməmiş hissəyə aid edilir, 1 faiz də idarə olunma və sairə ayrılır. Bu saziş əlverişli bir şərait yaradır.
İkincisi, əgər işlərimizin beynəlxalq səviyyədə aparılmasını istəyiriksə, onda beynəlxalq səviyyədə tanınmış mütəxəssisə ehtiyac yaranır. Azərbaycanda ola bilsin ki, mütəxəssis çoxdur, ancaq işlərin beynəlxalq səviyyədə aparılmasına əmin olmaq üçün xarici iştirakçı, fikrimcə, konsultant lazımdır. Bayaq deyirik ki, nəzarət olmalıdır, xarici məsləhətçi məsuliyyət daşıyır. Bu kreditin düzgün verilməsi, alınması, istifadəsi, hesabatların vaxtında verilməsi, beynəlxalq standartlara uyğun aparılması, tenderlər və sair həm də nəzarətdir. Fikrimcə, söhbət böyük bir miqdardan getmir, hələlik buna getmək lazımdır. Sağ olun.
Sədrlik edən. Sağ olun. Eldar müəllim, buyurun.
E. İbrahimov. Mən hörmətli həmkarlarımın çıxışı ilə bağlı bir məsələyə toxunmaq istəyirəm. OPEK Beynəlxalq İnkişaf Fondu bu irriqasiya sisteminə krediti ona görə verir ki, 1996-cı ildə biz Meliorasiya, irriqasiya haqqında qanun qəbul eləmişik. Ölkənin müəyyən sahədə qanunu yoxdursa, heç bir beynəlxalq təşkilat, heç bir adam bir manat da olsun oraya sərmayə qoya bilməz. Əvvəla, qanun var, həmin qanunla onların qoyduqları kredit qorunur.
İkinci, mən hörmətli Vahid müəllimə demək istəyirəm ki, Vahid müəllim, verdikləri kredit Azərbaycanın Milli Məclisində təsdiq olunmayanda həmin təşkilatlar bunu hüquqi sənəd hesab etmirlər. Onlar bizdən tələb edirlər ki, bu sənədlər Milli Məclisdə təsdiq edilsin. Onlar da arxayın olmaq istəyirlər ki, pulları Azərbaycanda qanunla qorunur. Qanunla bunu təsdiq etməliyik. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Məsələyə kifayət qədər aydınlıq gətirildi. Etiraz yoxdursa, xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.43 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi.
Beşinci məsələ, Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında. Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası sədrinin müavini Rövşən Rzayev.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, millət vəkilləri! Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında qanun layihəsi müzakirəmizə təqdim edilmişdir. Prezident tərəfindən təqdim olunan bu qanun layihəsində İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsinə dəyişiklik edilməsi təklif olunur. İxrac nəzarətini Azərbaycanda icra hakimiyyəti orqanlarından başqa digər dövlət və ictimai nəzarət orqanları da həyata keçirirlər. Bu sahədə şəffaflığı təmin etmək məqsədi ilə ixrac nəzarətinə hər cür maneçiliyin qarşısı alınmalıdır. Ona görə də İnzibati Xətalar Məcəlləsinin 324.2-ci maddəsində nəzarət edən orqanların dairəsinin genişləndirilməsi təklif olunur. Digər məsələ kimi qeyd olunan maddədə ümumi rayon məhkəmələrinin yurisdiksiyasina daxil edilməsi nəzərdə tutulub.
Layihədə nəzərdə tutulan ikinci məsələ Cinayət-Prosessual Məcəlləsinə əlavələrlə bağlıdır. Biz əvvəlki iclaslarımızda kommersiya və bank sirkətlərinin qorunması ilə əlaqədar Cinayət Məcəlləsinin 202.1-ci maddəsinə əlavə etmişik. Hal-hazırda müzakirə etdiyimiz qanun layihəsi 202.1-ci maddə üzrə ibtidai istintaq aparılması üçün prokurorluğa həvalə olunmalıdır. Təklif edirəm, müzakirəyə çıxarılan əlavə və dəyişiklikləri qəbul edək. Suallar olsa, aydınlıq gətirə bilərəm.
Sədrlik edən. Güman edirəm, burada suala ehtiyac yoxdur. Texniki məsələlərdir, ona görə də, təklif edirəm, səsə qoyaq. Buyurun, münasibətinizi bildirin.
Səsvermənin nəticələri (saat 13.45 dəq.)
Lehinə 84
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 84
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər edilməsi və “Baytarlıq təbabəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi barədə” Azərbaycan Respublikası Milli Məclisinin 1994-cü il 17 iyun tarixli 826 nömrəli qərarının qüvvədən düşmüş hesab edilməsi barədə, Rövşən müəllim, buyurun, yenə də söz Sizindir.
R. Rzayev. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, keçən il “Baytarlıq təbabəti haqqında” Qanun qəbul etmişik. 1994-cü ildə qəbul edilmiş qanun qüvvədən düşmüşdür. Hal-hazırda isə yeni qanunun tətbiqi ilə bağlı müəyyən məsələləri həll etməliyik. Birinci, Baytarlıq haqqında qanunvericiliyin mühafizəsi ilə bağlı İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsinin yeni redaksiyada verilməsi təklif olunur. Həmin qanun layihəsi hər bir millət vəkilinə paylanıb və orada hər şey yazılmışdır.
Azərbaycan bu sahə üzrə bir sıra beynəlxalq təşkilatların üzvüdür. Hal-hazırda isə biz Ümumdünya Ticarət Təşkilatına üzv olmaq ərəfəsindəyik. Təklif olunan dəyişikliklər isə baytarlıq, sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvanların kəsilməsi və heyvan ətinin satılmasına məhdudiyyət ilə bağlıdır. Bu məsələ əhalidə də narahatlıq hissi doğurur.
İkinci məsələ kimi hüquqi əhəmiyyətini itirmiş “Baytarlıq təbabəti haqqında” Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar Milli Məclisin 1994-cü il 17 iyun tarixli qərarının qüvvədən düşməsi nəzərdə tutulub.
Üçüncü məsələ isə normativ aktların effektiv sistemləşdirilməsinə xidmət edir. Normativ əhəmiyyətini itirmiş müddətin hüquqi aktlardan çıxarılması təklif olunur. Təklif edirəm, müzakirəyə çıxarılan qanun layihəsini birinci oxunuşda qəbul edək. Çox sağ olun, Ziyafət müəllim.
Sədrlik edən. Sağ olun. Aqrar siyasət daimi komissiyasının sədri Eldar müəllim, buyurun.
E. İbrahimiov. Çox sağ olun, Ziyafət müəllim. Bu qanun layihəsi ilə əlaqədar həmkarım Rövşən müəllim məlumat verdi. Əvvəla, bu qanunda üç predmet nəzərdə tutulur. Birinci, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsi yeni redaksiyada verilmişdir. Əvvəl 125-ci maddədə karantin və baytarlıq-sanitariya tədbirlərinin pozulması ilə əlaqədar cəza tədbirləri nəzərdə tutulmurdu. Təklif olunan yeni redaksiya, hörmətli həmkarlarım, sizdə var, mən bunu oxuyub vaxtınızı almaq istəmirəm. Yeni redaksiya təklif olunub, tamamilə yerində və optimal bir təklifdir.
İkinci, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər nəzərdə tutulur. Burada “Məhdud məsuliyyətli müəssisələr haqqında” Azərbaycan Respublikası Qanununun qüvvədən düşmüş hesab edilməsi barədə” Azərbaycan Respublikası Qanununun VII hissəsinin çıxarılması təklif edilir. Qanun layihəsi sizə təqdim olunub və orada göstərilir ki, “Azərbaycan Respublikası dövlət baytarlıq orqanında qeydiyyatdan keçməklə” sözləri çıxarılsın. Təklif olunan yeni redaksiya da sizdə var.
Qanun layihəsinin üçüncü hissəsi isə “Baytarlıq təbabəti haqqında” Milli Məclisin 1994-cü il 17 iyun tarixli 820 nömrəli qərarının qüvvədən düşmüş hesab olunması barədədir. Burada hörmətli həmkarım dedi, mən də əlavə etmək istəyirəm ki, bildiyiniz kimi, 2005-ci ildə biz baytarlıq haqqında geniş bir qanun qəbul etdik. Bu qanun Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğun bir qanundur. Ümumdünya Ticarət Təşkilatına girmək üçün aqrar sahədə birinci “Baytarlıq haqqında”, ikinci isə “Fitosanitar nəzarət haqqında” Qanun nəzərdə tutulmuşdu. Həmin qanun da, hörmətli həmkarlarım, sizin hamınızın dəstəyinizlə bu il qəbul olundu. Bu qanun da Ümumdünya Ticarət Təşkilatının tələblərinə cavab verən bir qanun kimi qəbul olundu. Bu yaxınlarda, bir ay bundan qabaq biz Amerika səfirliyinin dəvəti ilə Ümumdünya Ticarət Təşkilatının sədri ilə görüşdük. Aqrar sahədə proqramda nəzərdə tutulan qanunların qəbul olunduğunu deyəndə, Ümumdünya Ticarət Təşkilatının sədri razılığını bildirdi. Hörmətli həmkarlarım, hamınız məndən yaxşı bilirsiniz, bu təşkilata girmək üçün qanunları da Ümumdünya Ticarət Təşkilatının tələblərinə uyğunlaşdırmalıyıq. Gələcəkdə də aqrar sahədə iki qanun qəbul etmək nəzərdə tutulmuşdur. Bu iki qanun sizin dəstəyinizlə qəbul olunub. Tamamilə yerində və düzgün təklif olunmuş qanun layihəsidir. Ona görə də hörmətli həmkarlarımdan xahiş edərdim ki, bu qanun layihəsinə səs versinlər.
Sədrlik edən. Sağ olun, Eldar müəllim. Vahid müəllim, buyurun.
V. Əhmədov. Ümumiyyətlə, bu qanunun qəbul edilməsinə tərəfdaram, səs verəcəyəm. Amma mənim sualım var, burada 125-ci maddəyə yoluxucu xəstəliklərlə əlaqədar 125.0.1, 125.0.2, 125.0.3-cü bəndlər əlavə olunur. Amma məni maraqlandıran başqa məsələdir. Niyə hazırda qüvvədə olan qanunda fiziki şəxslərdən minimum əmək haqqının 20-25 mislinədək, vəzifəli şəxslərdən 40 mislinədək cərimə tutulurdu, – bu, təxminən 1200-1300 dollar eləyir, – amma indi bunu dəyişdiririk? Həmin bəndlərdə cərimənin məbləğini 50-60 dollara salırıq. Bu nə ilə əlaqədardır?
Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Ziyafət müəllim, hörmətli deputatlar! Aydındır ki, cəmiyyətin inkişafı ölkənin iqtisadi inkişafı ilə sıx bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasət nəticəsində bütün istiqamətlərdə yüksəliş göz qabağındadır. Ona görə də düzgün haldır ki, qanunlara vaxtaşırı baxılır və günün tələblərinə uyğunlaşdırılır. Bu baxımdan İnzibati Xətalar Məcəlləsinin 125-ci maddəsini dəyişmək üçün təklif edilmiş müddəalar tam yerindədir. Hazırda baytarlıq-sanitariya tələblərinə cavab verməyən yerlərdə heyvanların kəsilməsi və ət məhsullarının satışının qarşısını almaq və insanların sağlamlığını, həmçinin ətraf mühitin qorunmasını təmin etmək üçün 125.0.1 bəndinin çox böyük əhəmiyyəti vardır. Zənn edirəm ki, bu, respublikada mənşəyi bilinməyən, yaxud xəstə və ölmüş heyvanların ətinin istehsala və satışa verilməsinin qarşısını alacaqdır.
Eləcə də 125.0.2, 125.0.3, 125.0.4-cü bəndlərdə vacib dəyişikliklər edilir. Bildirmək istəyirəm ki, baytarlıq preparatlarının respublikada qeydiyyatında və ölkəyə dərman gətirilməsinə icazə verilməsində Dövlət Baytarlıq Xidmətinin işi günün tələblərinə uyğun qurulmamışdır. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün vaksinasiya proqramları düzgün yerinə yetirilmir. Belə ki, bioloji preparatlar birbaşa dünyada tanınmış dərman istehsal edən müəssisələrdən alınmaq əvəzinə, tanınmamış, dərmanın keyfiyyətinə təminat verməyən başqa firmalardan alınır. Belə dərmanların da çoxu keyfiyyətsiz, vaxtı keçmiş, az təsiredici olur. Bu səbəbdən vaxtaşırı heyvanlar kütləvi surətdə yoluxucu xəstəliklərə tutulurlar. Bunun qarşısını almaq üçün təklif edirəm ki, 125-ci maddəyə aşağıdakı məzmunda 125.0.5 bəndi əlavə edilsin: “Vaxtında profilaktiki vaksinasiya proqramlarının həyata keçirilməməsi səbəbindən kütləvi yoluxucu xəstəliklərin baş verməsində Dövlət Baytarlıq Xidməti cavabdehlik daşıyır” daha mükəmməl olar. Bu, dəyişikliklərin lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da müsbət səs verməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Sağ olun, Vidadi müəllim. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm, Ziyafət müəllim. Hörmətli həmkarlar, mənim təqdim edilən dəyişikliklərlə bağlı heç bir sözüm yoxdur. Amma baytarlıq-sanitariya tələblərinin pozulması ilə bağlı təyin edilən cərimə sanksiyalarının məbləği ilə bağlı təkliflərim var. Bu barədə Vahid müəllim də dedi. Həqiqətən də, bu gün baytarlıq qaydalarının pozulması halları çoxdur. Ancaq bunun qarşısının alınması ilə bağlı məhz İnzibati Xətalar Məcəlləsinin müvafiq bölməsinin müzakirə edilən maddəsinin daha da sərtləşməsindən ibarət olardı. Fiziki şəxslərin şərti maliyyə vahidinin 20 mislindən 25 mislinə qədər və yaxud hüquqi şəxslərin təxminən 100 mislindən 150 mislinə qədər cərimə olunması mənə elə gəlir ki, bu problemin həllinə şərait yarada bilməyəcəkdir.
Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında təxminən bir ay bundan öncə bir qanun layihəsi müzakirə olunurdu. Orada da ağacların kəsilməsinin qarşısının alınması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinə təkliflər var idi. Həmkarlarım bunu yaxşı xatırlayırlar. Orada təklif edilirdi ki, fiziki şəxslərə bir ağacın kəsilməsinə görə şərti maliyyə vahidinin 1000 misli qədər, hüquqi şəxslərə isə təxminən 30-40 min manata qədər cərimə təsdiq olunsun. Onda sual olunur, ağac bizim üçün daha önəmlidir? Burada məsələ insan sağlamlığı ilə bağlıdır və biz bunu qorumalıyıq. Amma bizim sağlamlığımız, qidamız üçün bilavasitə təhlükə mənbəyi olan, baytarlıq baxışından keçməyən ən müxtəlif heyvan mənşəli ətin və ət məhsullarının satılması ilə bağlı sanksiyaların məbləği aşağıdır. Mənə elə gəlir ki, biz bu məbləği qaldırmalıyıq və cərimə heç olmasa, iribuynuzlu mal-qaranın qiyməti qədər olmalıdır ki, insanlar çəkinsinlər, bir də bunlara yol verməsinlər. Ona görə hörmətli həmkarlarımdan və həmin layihəni təqdim edən komissiyanın rəhbərliyindən xahiş edərdim, bu məsələyə aydınlıq gətirsinlər.
Sədrlik edən. Sağ olun. Əhməd Vəliyev.
Ə. Vəliyev. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Mən də Azay müəllimin fikri ilə razıyam, özünüz gözəl bilirsiniz, elə sahələr var ki, orada qəbul olunan qanunlar və yaxud maddələrin müəyyən formada yazılmasının o qədər qorxusu yoxdur. Ancaq bu qanun layihəsində göstərilən cərimələr çox cüzidir. Hər hansı mal xəstələnirsə və sahibi aparıb onu satırsa, bilirsiniz ki, yüzlərlə, minlərlə insanın xəstələnməsinə və ölümünə gətirib çıxara bilər. Ona görə də burada cərimələr çox sərt olmalıdır. Mən hesab edirəm ki, həmin heyvanın ətinin satılmasından nə qədər pul götürürsə, bunun 10 mislində cərimə edilməsi qanunda yazılmalıdır.
Hətta beynəlxalq aləmdə belə təcrübə var. Mən İnternetə girdim, bu məsələ ilə maraqlandım, orada cinayət məsuliyyəti nəzərdə tutulur. Mən öz təcrübəmdən bir məsələni sizin nəzərinizə çatdırmaq istəyirəm. Tələbələr partaları korlayırdılar. Mən qərar vermişdim və onlarla müqavilə bağlamışdım ki, əgər partalar, hər hansı bir əmlak korlanarsa, onda tələbələr bunun dəyərini ödəməlidirlər. Bu heç bir nəticə vermədi. Sonradan tələbələrlə, valideynlərlə müqavilə bağladım ki, əgər parta, hər hansı bir əmlak korlanarsa, bunun əvəzi həmin əmlakın dəyərinin 10 mislində ödənilməlidir. İndi gəlin, bizim universitetə ekskursiya təşkil eləyək. Əgər görsək ki, bizim universitetdə hər hansı bir parta korlanıb, onda mənim dediklərimə bəraət qazandırmaq olmaz. Mən hesab edirəm ki, insanların xəstələnməsi, insanların ölümü böyük sosial problemdir, insanlara zərbədir. Biz nəyə görə yumşaq cərimələr tətbiq etməliyik? Gəlin, elə cərimə tətbiq eləyək ki, insanlar qorxsunlar. Cərimədən əlavə bu məsələlər yenə təkrar olunarsa, vəzifəli şəxslər də, eyni zamanda, həmin işləri görənlər də cinayət məsuliyyətinə cəlb olunsunlar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun, Əhməd müəllim. Eldar müəllim, buyurun, aydınlıq gətirin bu məsələlərə.
E. İbrahimov, Milli Məclisin Aqrar siyasət daimi komissiyasının sədri.
Çox sağ olun, Ziyafət müəllim. Təbii, mən hörmətli həmkarlarımın narahatlığını haqlı sayıram. Bu sənəd Prezident Aparatından gəlib. Təqdim eləyəndə biz arayış yazmalı, hamıya verməli idik ki, aydın olsun. Həmin arayışda qüvvədə olan redaksiya göstərilməli idi. Qüvvədə olan redaksiyanı, hörmətli həmkarlarım, görə bilmirəm. Qüvvədə olan qanunda 125-ci maddə “Karantin tədbirlərinin və baytarlıq-sanitariya tədbirlərinin pozulması” adlanır. Təklif olunan redaksiyada isə “Baytarlıq haqqında qanunvericiliyin pozulması” adlanır. Həmin maddədə deyilir: ”Fiziki şəxslər şərti maliyyə vahidinin 20 mislindən 25 mislinədək miqdarda, vəzifəli şəxslər şərti maliyyə vahidinin 40 mislindən 60 mislinədək miqdarda cərimə olunurlar”. Hörmətli Vahid müəllim, siz deyən kimi yazılıb. Bu, qüvvədə olan redaksiyadır.
İndi nə təklif olunur? Təklif olunan ondan ibarətdir ki, 125.0.4-də yoluxucu xəstəliklərin qarşısının alınması üzrə, yəni bu karantin tədbirlərinin və epizootiya əleyhinə dair qərarların pozulmasına görə fiziki şəxslər şərti maliyyə vahidinin 20 mislindən 25 mislinədək miqdarda, yerində qalır, vəzifəli şəxslər şərti maliyyə vahidinin 40 mislindən 60 mislinədək miqdarda, hüquqi şəxslər şərti maliyyə vahidinin 100 mislindən 150 mislinədək miqdarda cərimə edilir. Qüvvədə olan redaksiyada bu olmayıb. Yəni qüvvədə olan redaksiya ilə təklif olunan redaksiya arasında fərq hüquqi şəxslərin cərimə edilməsinin nəzərdə tutulmasıdır. Təbii, bir az sərt tədbir tətbiq etmək olardı. Amma mən də uzun illər bu işlə məşğul olan adam kimi bununla razı deyiləm. Bu, baytarlıq haqqında qanunvericiliyin predmeti deyil, İnzibati Xətalar Məcəlləsinin predmetidir.
Biz İnzibati Xətalar Məcəlləsi, Cinayət Məcəlləsi qəbul etdik. Biz orada cəza tədbirlərini xeyli yüngülləşdirdik. Mən bunu həmişə deyirəm. Bir az da obrazlı desək, torpaq zəbt eləyənə qabaq 3 il iş verirdilərsə, indi torpaq zəbt eləyənə az qalırlar təşəkkür eləsinlər ki, sağ olun, yaxşı eləyib gedib, torpaqları belə tutursunuz. Bir vaxtlar belə oldu, indi görürsünüz, bunlar düzəlir. Burada göstərilən tədbirlər bir az sərtləşdirilib. Amma mən də həmkarlarım Əhməd müəllimin, Azay müəllimin fikri ilə razıyam. Qanun nə qədər sərt olsa, daha çox effekt verə bilər. Burada sərtləşmə var və bu cür qəbul eləsək, hesab edirəm ki, normaldır.
Sədrlik edən. Sağ olun. Rövşən müəllim, əlavəniz var?
R. Rzayev. Bütün suallara hörmətli Eldar müəllim cavab verdi. Mən də bir daha təsdiqləmək istəyirəm ki, burada kifayət qədər cəza növləri qeyd olunub. Təklif edirəm, qanun layihəsinə səs verək.
Sədrlik edən. Sağ olun. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 14.03 dəq.)
Lehinə  81
Əleyhinə 3
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, əyləşin. İclasımızı davam etdiririk. Gündəliyin altıncı məsələsi, Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşudur. Söz verilir Sosial siyasət daimi komissiyasının sədr müavini Musa Quliyevə.
M. Quliyev, Milli Məclisin Sosial siyasət daimi komissiyası sədrinin müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Milli Məclisin yaz sessiyasında Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanununun layihəsi geniş müzakirələrdən sonra birinci oxunuşda qəbul edilmişdir. Müzakirələrdə çıxış edən deputatlar qanun layihəsinin əhalinin sağlamlığının qorunması, keyfiyyətli, təhlükəsiz və səmərəli dərman vasitələri ilə təminatı sahəsində əhəmiyyətli olduğunu qeyd etmiş və bu sahədə tənzimlənmənin zəruriliyini bildirmişlər.
Eyni zamanda, müzakirələrdə çıxış edən deputatlar layihənin təkmilləşdirilməsinə xidmət edən olduqca dəyərli təkliflər söyləmiş və iradlarını qeyd etmişlər. Millət vəkilləri Fazil Mustafayev və Ülvi Quliyev layihənin “Əczaçılıq fəaliyyəti haqqında qanun” adlandırılmasını təklif etmişlər. Bildiyiniz kimi, əczaçılıq fəaliyyəti dərman vasitələri ilə davranışın yalnız bir faizini təşkil edir və lisenziya əsasında həyata keçirilən fəaliyyətdir. Layihənin 1.0. 7-ci maddəsində göstərildiyi kimi, əczaçılıq fəaliyyəti dedikdə dərman vasitələrinin hazırlanması, istehsalı, topdan və pərakəndə satışı ilə bağlı fəaliyyət nəzərdə tutulur. Bu qanun isə Azərbaycan Respublikasında dərman və tibb vasitələri ilə davranışın hüquqi və təşkilati əsaslarını müəyyən edir, bu sahədə yaranan münasibətləri tənzimləyir. Dərman vasitələri ilə davranış isə məlum olduğu kimi, bu qanun layihəsində öz əksini tapıbdır. Bu sahə daha geniş, daha əhatəli bir sahədir ki, həmin sahənin də daxilində əczaçılıq fəaliyyəti öz əksini tapır. Deyilənlər nəzərə alınaraq layihənin adının olduğu kimi saxlanılması məqsədəuyğun hesab edilmişdir.
Jalə xanım Əliyevanın təklifi ilə 1.0.6-cı maddədə “dərman vasitələri ilə bağlı digər hərəkətlərin edilməsi” sözləri “dərman vasitələri ilə bağlı digər əməliyyatların həyata keçirilməsi” sözləri ilə əvəz edilmişdir. Millət vəkili Siyavuş Novruzov təklif etmişdir ki, dərman vasitələrinin xammal ehtiyatlarından daha geniş istifadə olunması və respublikada dərman istehsalına diqqətin artırılması vacibdir. Həmin təkliflər layihənin 3.1.5-ci və 3.1.6-cı maddələrində öz əksini tapmışdır. Deputat Abel Məhərrəmovun dərman vasitələrinin klinik sınaqlarına nəzarət edilməsi barədə təklifləri layihənin 6.4.5-ci maddəsində nəzərə alınmışdır. Hörmətli millət vəkilləri Abel Məhərrəmov, Nizami Xudiyev və Fazil Qəzənfəroğlunun təklifləri əsasında 16.1-ci maddəyə “yalnız dövlət qeydiyyatına alınmış və” sözləri əlavə edilmişdir. Bununla da dövlət qeydiyyatına alınmamış dərman vasitələrinin reklamı məhdudlaşdırılır.
Millət vəkili Fazil Mustafayev təklif etmişdir ki, alıcının aptek təşkilatından alınmış dərman vasitəsinin keyfiyyət sertifikatını tələb etmək hüququ qanunda təsbit olunsun. Vətəndaşların bu hüququ “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununda təsbit olunduğundan həmin təklifin layihədə nəzərə alınması təkrarçılıq baxımından məqsədəuyğun hesab olunmamışdır. Deputat İltizam Əkbərli dərman vasitələri ilə davranış sahəsində məsuliyyətin artırılması üçün daha ciddi tədbirlərin nəzərdə tutulmasını zəruri saymışdır. Bildiyiniz kimi, qanun layihəsinin ayrı-ayrı maddələrində dərman vasitələrinin dövriyyəsi üzərində nəzarəti nəzərdə tutan müddəalar vardır.
Qanun layihəsi ikinci oxunuşa hazırlanarkən rəy və təkliflərini bildirməkdən ötrü aidiyyəti üzrə dövlət orqanlarına – Azərbaycan Respublikasının Səhiyyə, Maliyyə, Ədliyyə nazirliklərinə, Dövlət Gömrük Komitəsinə, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə göndərilmişdir. Onların ümumən layihəyə dair iradları olmamış, eyni zamanda bəzi təklifləri olmuşdur ki, onların da əksəriyyəti qanun layihəsi ikinci oxunuşa hazırlanarkən komissiyada nəzərə alınmışdır.
Hörmətli millət vəkilləri, bildirmək istəyirəm ki, qanun layihəsinin üzərində işlər layihə sizə paylanandan sonra da davam etmiş və sizin variantda öz əksini tapmayan bir sıra düzəlişlər də olmuşdur. Belə ki, 1.0.10, 1.0.11 və 1.0.12-ci maddələrdən “əczaçılıq fəaliyyətini Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş qaydada xüsusi razılıq, lisenziya almış” sözləri çıxarılmış və yeni 5.3-cü maddə əlavə edilmişdir. Həmin maddədə deyilir: “Bu qanunun 5.1-ci maddəsi dövlət topdansatış əczaçılıq müəssisələrinə və aptek təşkilatlarına şamil edilmir”. Hazırda dövlət mülkiyyətində çoxlu sayda topdansatış əczaçılıq müəssisələri və aptek təşkilatları mövcuddur və onlar uzun illərdir fəaliyyət göstərirlər. Bu dəyişikliklər və əlavələr məhz onların lisenziya olmadan fəaliyyətini davam etdirmələrinin hüquqi əsaslarına təminat yaratmışdır.
Dünən Səhiyyə Nazirliyindən qanun layihəsinin təkmilləşdirilməsinə xidmət edən daha bir neçə təklif komissiyaya daxil olmuşdur. Dərman vasitələrinin dövriyyəsinin və əczaçılıq fəaliyyətinin tənzimlənməsinə dair normativ hüquqi aktların hazırlanması, habelə bilərəkdən saxta və keyfiyyətsiz dərmanların dövriyyəsi ilə məşğul olan şəxslərin məsuliyyəti ilə əlaqədar olan həmin dəyişikliklər bu və ya digər şəkildə komissiyada müzakirələrdən sonra nəzərə alınacaq və üçüncü oxunuşa qədər hörmətli millət vəkillərinin diqqətinə çatdırılacaqdır.
Hörmətli millət vəkilləri, çıxışımın sonunda bir məsələni də sizin diqqətinizə çatdırmaq istəyirəm. Qanun layihəsinin birinci oxunuşu zamanı burada səslənən və deputatların əksəriyyəti tərəfindən dəstəklənən dərman vasitələrinə olan əlavə dəyər vergisinin 10 faizədək azalması, dərman istehsalı üçün gətirilən xammalın və yardımçı materialın gömrük rüsumundan azad edilməsi, həyati vacib dərmanların qiymətlərinin dövlət tərəfindən tənzimlənməsi müddəalarının bu qanun layihəsində əks olunması məsələsi işçi qrupunda və komissiyada dəfələrlə müzakirə edilmiş, mütəxəssislər və müvafiq icra hakimiyyəti orqanları ilə məsləhətləşdirilmişdir. Ümumi rəy belə olmuşdur ki, qeyd olunan təkliflər məqsədəmüvafiqdir. Lakin bu qanunun predmeti deyildir. Həmin müddəaların vergi, gömrük və qiymət siyasəti ilə əlaqədar qanunvericilikdə öz əksini tapması qanun yaradıcılığı baxımından daha əhəmiyyətli olardı.
Qanun layihəsinin ikinci oxunuşa hazırlanmasında gərgin əməyi olan komissiya üzvlərinə, Milli Məclisin Sosial qanunvericilik şöbəsinin əməkdaşlarına, Səhiyyə Nazirliyinin və Tibb Universitetinin mütəxəssislərinə dərin təşəkkürümü bildirməklə hörmətli deputat həmkarlarımdan xahiş edirəm ki, Dərman vasitələri haqqında Azərbaycan Respublikası qanunu layihəsinin ikinci oxunuşda qəbul olunmasına dəstək versinlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, qanun layihəsi prosedura görə əsas kimi qəbul olunmalıdır. Sonra fəsilbəfəsil müzakirə edəcəyik. İndi qanun layihəsini əsas kimi səsə qoyaq, sonra müzakirə edərik. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 16.11 dəq.)
Lehinə 87
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun. Qanun layihəsi əsas kimi qəbul olundu. Qanun layihəsi dörd fəsildən ibarətdir. Prosedura görə biz qanun layihəsini fəsilbəfəsil səsə qoymalıyıq. Çıxışlar haqqında təklif varmı? Hər çıxış edən deputat bütün fəsillər haqqında fikirlərini söyləsin, amma səsverməni ayrıca, fəsilbəfəsil keçirəcəyik. Buyurun, Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Hörmətli millət vəkili Musa Quliyevə mənim sualım var. İstərdim ki, bu məsələyə bir aydınlıq gətirsin. Qanun layihəsinin ayrı-ayrı müddəalarında fikir ifadə olunur ki, dövlət qeydiyyatından keçməyən dərman vasitələrinin idxalına, maneəsiz gəlib-getməsinə icazə verilmir və ya bu şəxsi məqsədlər üçün istifadə olunanda buna icazə verilir. Mən özüm belə hallarla rastlaşmışam, deyək ki, İsveçrədə, Almaniyada, ABŞ-da dərman istehsal olunur, sertifikatı da var, lakin Azərbaycanda qeydiyyata alınmayıb. Bir-iki ildən sonra qeydiyyata alınır. Onda da bu dərman köhnəlir, özünün əhəmiyyətini itirir. Bu baxımdan belə bir cümlənin işlənməsinə nə ehtiyac var? Ola bilsin, bunu başqa bir formada ifadə etmək lazımdır. Azərbaycanın gizli hakimiyyəti dünyada istehsal olunan və Dünya Səhiyyə Təşkilatı tərəfindən qeydiyyata alınan dərman preparatlarının Azərbaycanda idxalına və maneəsiz gəlib-getməsinə mane olmayacaq. Yəni bu məsuliyyəti Azərbaycanın üzərinə qoymaq, mənə elə gəlir ki, bir az dolaşıqdır. Sağ olun.
Sədrlik edən. Musa müəllim, suala cavab verin, sonra müzakirələrə başlayaq.
M. Quliyev. Hörmətli Fəzail müəllim, bu dediyiniz məsələ qanun layihəsi birinci oxunuşda müzakirə olunarkən səslənibdir və ona cavab da verilibdir. Bir daha mən demək istəyirəm ki, hər bir dövlət öz vətəndaşlarının sağlamlığına cavabdehdir. Hər hansı bir dövlətdə qəbul və istifadə olunan dərman vasitələrini başqa bir dövlət alırsa, idxal edirsə, mütləq onu özü müəyyən ekspertizadan keçirməlidir. Dövlət olaraq özü də sərəncam verməlidir ki, bu dərman vasitəsi həmin dövlətdə işlənilsin, yaxud da işlənilməsin. Dünyanın hər yerində bu praktika var. Yalnız dövlət tərəfindən qeydiyyata alınmış dərman vasitələrinin idxalına yol verir. Təkcə Azərbaycanda deyil, dünyanın hər yerində belə təcrübə var. Hər bir dövlət müvafiq icra orqanları ilə bir yerdə buna özü cavabdehlik daşımalıdır. Sabah həmin dərmandan müəyyən ağırlaşmalar, əks göstəricilər ola bilər, onda da nə buna satan təşkilat, nə gətirən firma cavab verməyəcək, dövlət cavab verəcək. Bütün dövlətlərdə bu prosedur qaydaları vardır və Azərbaycanda da belə olmalıdır.
Sədrlik edən. Çox sağ olun. Cavab qane eləmədi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Yaxşı. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən Musa müəllimə təşəkkür edirəm ki, qanun layihəsinin birinci oxunuşu ilə bağlı iclasda səsləndirdiyimiz təkliflərin bir qismini nəzərə alıblar. Amma mən konkret olaraq bəzi müddəaların əks olunmadığını qeyd edərək istərdim ki, ikinci oxunuşda bunları qanun layihəsində görək.
Əgər bu gün qeyri-neft sektorunun inkişafı barədə ciddi söhbətlər gedirsə, birinci növbədə biz dərman istehsalı və milli əczaçılıq komplekslərinin yaradılması barədə də düşünməliyik. Qanunda bu istiqamət xüsusi olaraq öz əksini tapmalıdır. Məndə olan məlumata görə ölkədə 5400 növ dərmandan istifadə olunur. Bu məlumatın dəqiq olduğunu deyə bilmərəm, amma hesab edirəm ki, dəqiq olmalıdır. Bunların təqribən 2400-nün keyfiyyət sertifikatı yoxdur. Sertifikatın olmaması göstərir ki, Azərbaycan artıq başqa ölkələrin rahatlıqla zərərli, hətta sağlamlıq üçün çox böyük təhlükə yaradan dərman vasitələrinin istifadə edildiyi ölkəyə çevrilə bilər.
Qanun layihəsinin 17.2-ci maddəsinə diqqət eləsəniz, görərsiniz ki, dərman vasitələrinin tətbiqi nəticəsində insanın sağlamlığına vurulmuş zərər aşağıdakılar sübut olunduğu halda istehsalçılar tərəfindən ödənilməlidir. Halbuki bizdə istehsalçını müəyyən etmək artıq kifayət qədər çətinləşib.
Mən bir nümunə göstərmək istərdim. Məsələn, Fransanın Serviyer şirkətinin infarkta qarşı işlədilən “Prediktal MR” dərmanı Parisdə 50 dollara satılır. Bakıda da təqribən bu qiymətə satılır. Heç bir istehsalçı istehsal elədiyi məhsulun bu qədər uzaq məsafədə, başqa ölkədə eyni qiymətə satılmasına razı ola bilməz. Məlum olur ki, bu, Polşada istehsal olunur və rahatlıqla Azərbaycana gətirilir.
Qanun layihəsində, mən çox istərdim ki, vaksinlərlə bağlı məsələyə toxunulsun. Bu ən vacib məsələlərdən biridir. Biz vaksinləri İrandan və Rusiyadan alırıq. Özünüz son günlərdə şahidi oldunuz, Böyük Britaniyada rus kəşfiyyatçısının zəhərlənməsi göstərdi ki, bu vaksinlər vasitəsilə bioloji terror etmək də mümkündür. Azərbaycan xalqına qarşı da belə terror həyata keçirilə bilər. Heç kim üçün sirr deyil ki, sovet dövründə də təhlükəsizlik orqanları bilavasitə vaksinlərin hazırlanmasına nəzarət edirdilər. İranda da, təbii ki, belə bir sistem mövcuddur. Biz vaksinlər məsələsinə olduqca ehtiyatla yanaşmalıyıq. İndiyə qədər Azərbaycanda istifadə edilən vaksinlərin nə qədər fəsadları olduğu barədə mətbuatda kifayət qədər məlumatlar yayılmışdır. Ona görə də biz bu kimi məsələlərin məhz qanunla qarşısının alınması üçün tədbirlər görməliyik. Bu baxımdan da qanunlarda ciddi dəyişikliklər edilməsini vacib sayıram.
Bir də burada reklam ilə bağlı bir müddəa diqqəti cəlb edir. Fikrimi yekunlaşdırmaq istəyirəm. 16.5-ci maddədə qeyd olunur: “Dərman vasitələrinin reklamı həkim məsləhətinin lazımsızlığı təəssüratını yaratmamalıdır”. Ümumiyyətlə, biz qanunda tez-tez “qayğı”, “duyğu”, “hiss”, “təəssürat” sözlərini işlədərkən istər-istəməz bu qanunu tətbiq edən orqanlar üçün çətinlik yaradırıq. Bu təəssüratı biz necə müəyyən eləyək? Hansı aparatla, hansı subyektiv mülahizələrlə müəyyən eləyək? Ona görə də mən hesab edirəm, burada qısaca olaraq açıq formada yazılmalıdır ki, həkimin məsləhəti olmadan dərman reklamına icazə verilmir. Yəni bunun “təəssürat” sözü ilə ifadəsi, məncə, qanunu tətbiq edən orqanlar üçün çətinlik yaradır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Mənə elə gəlir ki, çıxışlar qurtarandan sonra Musa müəllim, səhiyyə nazirinin müavini Elsevər müəllim, idarə rəisləri sualları cavablandırarlar. Rafiq Məmmədhəsənov.
R. Məmmədhəsənov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mənim bu qanun layihəsinə münasibətim müsbətdir. Lakin bir sıra təkliflərim var. Onları icazənizlə sizinlə bölüşmək istəyirəm. 1-ci maddədə əsas anlayışlar sadalanır. Burada “dərman maddələri (barmakoloji substansiyalar)” yazılır. Sonrakı bölmələrdə və bəndlərdə “farmakoloji substansiyalar” əvəzinə “dərman substansiyaları” yazılmalıdır, çünki farmakoloji maddələr və ya farmakoloji substansiya ancaq sınaq mərhələsində olan, hələ dövlət qeydiyyatına alınmamış maddələrə aiddir. 1.0.5-ci maddədə orijinal dərman vasitələrinin analoqları göstərilir, bunlar “generiklər” olmalıdır. Bu termin ingilis dilində “cenerik”, rus dilində “djenerik”, türk dilində “jenerik” yazılır, Azərbaycan dilində elmi ədəbiyyatlarda və dərsliklərdə “jenerik” qəbul olunmuşdur. Yəni bu terminin genlərlə heç bir bağlılığı yoxdur. Ona görə də “jenerik” terminini məqsədəuyğun sayırıq.
1.0.9-cu maddədəki “farmakopeya məqaləsi” anlayışının aşağıdakı məzmunda yazılmasını daha məqsədəuyğun sayıram: “dərman vasitəsinin göstəricilərinə və keyfiyyətinə nəzarət üsullarını özündə cəmləşdirən dərman vasitəsinin dövlət standartları”. Əsas anlayışlara, yəni 1-ci maddəyə aşağıdakıların da daxil edilməsini zəruri sayıram. Farmakoloji müəssisə, kliniki sınaqlar obyekti olan, səciyyəvi farmakoloji fəallığı müəyyən edilmiş bioloji fəal maddə və bioloji fəal maddələrin qarışığıdır. Bu anlayışın, hesab edirəm ki, 1.0.2-ci bənddən sonra verilməsi daha məqsədəuyğundur.
II fəsil üzrə. Hazırda və perspektivdə ölkəmizdə əczaçılığın vəziyyəti və inkişafını nəzərə alaraq 4-cü maddənin 4.2.4 və 4.2.5-ci bəndlərinin əsaslı şəkildə dəyişdirilməsi və belə şəkildə verilməsini daha uyğun hesab edirəm: “Farmakopeya komitəsinin vasitəsi ilə Azərbaycan Respublikası ərazisində istehsal olunan yeni kombinasiyalı dərman vasitələri üçün farmakopeya məqaləsini ekspertizadan keçirir və təsdiq edir”.
Digər 4.2.5-ci bənddə belə yazmaq olar: “Farmakopeya komitəsinin vasitəsi ilə mövcud dərman vasitələrinin keyfiyyətinə nəzarət məqsədi ilə Azərbaycan Respublikasında yaradılmış yeni səmərəli analiz üsullarının ekspertizadan keçirildikdən sonra müvafiq farmakopeya məqaləsinə daxil edilməsinə icazə verir”. Həmin bəndlərin belə dəyişdirilməsi ilə əlaqədar deyim ki, dövlət farmakopeyasını işləyib hazırlamaq və dərc etdirmək olduqca mürəkkəb və çətin işdir. Hətta ən böyük dövlətlər bu işin öhdəsindən gələ bilmirlər. Məsələn, Rusiya Federasiyası kimi nəhəng ölkə hələ bu vaxta kimi həmin işin öhdəsindən gələ bilmir. Əsasən 1968-ci ildə dərc olunmuş və 1987-1990-cı illərdə qismən yeniləşdirilmiş farmakopeyadan istifadə edir. Hazırda Avropa qurumlarına daxil olan ölkələr Avropa farmakopeyasını hüquqi normativ sənəd kimi istifadə edirlər.
9-cu maddəyə əlavə olaraq 9.6-cı bəndin salınmasını zəruri hesab edirəm. İdxal olunan dərman vasitələri qeydiyyata alınarkən müvafiq istehsalçı təşkilat həmin dərman vasitəsinin istehsal olunan ölkədə tətbiqi qadağan olunduğu halda dərhal ölkəmizin müvafiq icra hakimiyyəti orqanına məlumat verəcəyi barədə öhdəlik götürməlidir. Bu bəndin salınması çox önəmlidir və ölkə vətəndaşlarının təhlükəsizliyini təmin edir. Təcrübədə belə hallara tez-tez rast gəlinir. Belə ki, ölkəmizdə qeydiyyatdan keçirilmiş dərman vasitələrinin sonradan istehsalçının ölkəsində geniş tətbiqi əsasında aparılan müşahidələr nəticəsində bu dərman vasitəsinin təhlükəli olduğu üçün həmin ölkədə tətbiqi dayandırılır və satışı qadağan olunur. İstehsalçını təmsil edən müvafiq şirkət bu məlumatları gizlədir və belə yararsız dərman vasitələrinin idxalını davam etdirir, gəlir əldə edir və onun tətbiqinə görə heç bir məsuliyyət daşımır. Buna aid konkret misallar göstərmək olar. Bu yolverilməzdir və insanların sağlamlığı üçün təhlükədir. Odur ki, göstərilən bənd qanunda öz əksini mütləq tapmalıdır.
Dərman vasitələrinin təhlükəsizliyinə yönəldilmiş daha bir məsələ haqqında demək istəyirəm. Məlumdur ki, son dövrlərdə saxtalaşdırılmış dərmanların istehsalı və yayılması kimi mürəkkəb və qorxulu, beynəlxalq miqyaslı problem yaranmışdır. Kütləvi informasiya vasitələrində tez-tez bu barədə məlumat verilir. Artıq bəzi ölkələrdə, İngiltərə, Avstraliya, Filippin və başqalarında saxtalaşdırılmış dərman vasitələri haqqında xüsusi qanunlar qəbul olunmuş və cəza tədbirləri nəzərdə tutulmuşdur. Bu əməl cinayət əməli kimi cəzalandırılmalıdır. Göstərilənlərlə əlaqədar IV fəsildə 17-ci maddəyə 17.4-cü bəndin əlavə olunmasını təklif edirəm: “Saxtalaşdırılmış dərman vasitələrinin idxalı, istehsalı və satışı cinayət əməli hesab olunsun”. Dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin həlledici amil olduğunu nəzərə alaraq bu məsələnin ayrıca fəsil kimi qanunda verilməsi daha məqsədəuyğun olardı. Qeyd etməliyik ki, dərman vasitələrinə dövlət nəzarəti haqqında xüsusi fəsil digər ölkələrin bu sahədəki qanunlarında da öz əksini tapmışdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsinin təqdim olunması, müzakirəyə çıxarılması və ikinci oxunuşa qədər buna əlavə və dəyişikliklər çox təqdirəlayiqdir. Komissiya bu layihənin üzərində xeyli işləyibdir. Musa müəllim öz çıxışında verilən təkliflərin nəzərə alınması ilə əlaqədar məsələlərə toxundu. Lakin ikinci oxunuşun tələblərinə uyğun olaraq bir neçə təkliflər də var ki, bunlar da qanun layihəsində öz əksini tapsa, daha vacib olar.
Birinci növbədə, qanunun vacibliyi məsələsinə toxunmaq istərdim. Mən də deputat həmkarlarımla razıyam ki, təkcə dərman preparatı haqqında deyil, ümumiyyətlə, səhiyyənin təşkili və yaxud da dərmanların satışı, onların paylanması ilə bağlı struktur, istehsalı baxımından kompleks şəkildə bir qanun layihəsi olsaydı, daha məqsədəuyğun və bir neçə sahəni avtomatik əhatə etmiş olardı. Elə dərman vasitələri, yaxud aparatlar mövcuddur ki, onları Azərbaycan bu gün özü də istehsal eləyə və yeni iş yerlərinin açılmasına şərait yarada bilər. Azərbaycanın rayonlarında müəyyən dərman bitkiləri var ki, onların tərkibini zənginləşdirməklə və ya əlavələr etməklə xüsusi dərman sortları almaq olar. Həm psixoloji, həm də gen baxımından insanların müalicəsində bunlar əhəmiyyətli rol oynaya bilər. Bunlar da nəzərə alınmalıdır. Ən əsası ondan ibarətdir ki, istehsal məsələsi qanunda ciddi, daha əhatəli şəkildə əksini tapmalıdır. Artıq biz özümüz vacib, tələbata uyğun dərman vasitələrinin istehsal edilməsinə nail ola bilərik.
Dərman vasitələrinin satılması, daşınması, yerləşdirilməsi məsələsi. Keçmişdə apteklər xüsusi bir sistem idi və bu sistemin xarakterinə uyğun olaraq apteklər tikilirdi. İndi isə bir nəfər evinin birinci mərtəbəsinin pəncərəsini bir az genişləndirir, oraya bir qapı qoyur, üstünə “aptek” yazır, lisenziya alır, dərmanları düzür və bu, aptek olur. Axı nəzərə alınmır ki, bunun qonşusu o biri tərəfdə nə ilə məşğul olur və ya oradakı evin ümumi ab-havası, aurası və digər məsələlər burada dərman saxlanılmasına imkan verir, yoxsa vermir? Nə qədər apteklər vardı, indi artıq ya paltar dükanına çevrilib, ya da qızıl əşyaları satılır. Neftçilər prospektində böyük aptek var idi, onun da 90 faizini kəsiblər, nə isə satırlar, indi ayrıca bir balaca hissəsi qalıb. Apteklərin öz xüsusiyyətləri var və bunlar xüsusi statusa malik olmalıdır. Mənzildən və ya bir köşkdən aptek kimi istifadə etmək tamamilə yolverilməzdir. Qanunda müvafiq qadağalar qoyulmalıdır. Əgər yer aptekin tələblərinə cavab verirsə, burada aptek ola bilər. Dünənə qədər kafedirsə, bu gün onun profilini dəyişib aptek eləyirlər. Bu ola bilməz, çünki illərlə orada yığışan enerji var, bunlar dərmanlara çökə, insanların sağlamlığına böyük ziyan vura bilər.
Qanun layihəsində dərmanların gətirilməsi və Azərbaycanda tətbiq olunmasına müəyyən qadağalar qoyulub. Amma göstərilmir ki, hansı ölkədən və necə gətirilməlidir, hansı şəkildə olmalıdır? Hindistanın, Pakistanın, Banqladeşin, ayrı-ayrı ikinci dərəcəli ölkələrin dərmanları daha çox yer tutur, nəinki Sloveniyanın, başqa-başqa Avropa dövlətlərinin. Klassik dərman istehsalı və ixracı ilə məşğul olan ölkələr var. Burada dəqiqlik olmalıdır. Demək olar ki, dünyanın əksər ölkələrindən gələn dərman əgər ölkəyə daxil olursa, onun tərkibi, vacibliyi, zəruriliyi həmin ölkənin dövlət dilində yazılır və dərman qutularının içərisinə qoyulur. Lakin biz görürük ki, bu yazılar ancaq rus və ingilis dilində, bəzi hallarda isə türk dilində olur. Heç bir dərman preparatının qutusunda Azərbaycan dilində yazı yoxdur ki, vətəndaş bunu oxuyub dərmanın tərkibi ilə tanış ola bilsin.
Qanun layihəsində bir məsələ tez-tez nəzərə çarpır. Rusiyanın qanununun müəyyən detalları burada öz əksini tapıbdır. Keçmişdə qanunların bəzilərində belə hallara daha çox rast gəlirdik. Rusiya qanunlarını olduğu kimi Azərbaycan dilinə çevirib, maddələrin yerini dəyişib və bunu təsdiq eləyib verirdilər. Düzdür, bu məsələlər aradan qalxıb. Amma bəzən yenə də rast gəlirik. Biz Rusiyadan neçə illərdir uzaqlaşmışıq. Ola bilər, Rusiyada dəyərli nə isə var, götürmək, istifadə, çap etmək, yazmaq olar. Avropa Birliyinə daxil olan ölkələrin təcrübəsindən daha çox bəhrələnmək lazımdır. Rusiyanın özü bəzi şeyləri həmin ğlkələrdən götürüb. Ona görə də elə həmin ölkələrdən götürmək daha məqsədəmüvafiq olardı.
Bir məsələyə də xüsusi fikir vermək istəyirəm. Hesab edirəm ki, dərmanların reklam məsələsi qəti şəkildə qoyulmalıdır. İndi başa düşürük, ayaqqabının, kostyumun və ya sanatoriyanın reklamı ola bilər. Başağrı dərmanının reklamı ola bilməz. Bununla siqaretin reklamı arasında mən heç bir fərq görmürəm. Siqaret başqa bir təsir vasitəsidir, başağrı dərmanı başqa. Dərman vasitəsi reklam edilə bilməz. Dünyanın heç bir ölkəsində, Rusiyanı çıxmaq şərti ilə, dərman reklamı yoxdur. Tutalım, mən vətəndaşam, birdən başım ağrıyır, görürəm dərmanı reklam edirlər, daha həkimə müraciət etmədən gedib həmin dərmanı alıram. Həmin dərmanın tərkibində elə maddələr ola bilər ki, başqa funksiyalara ziyan vurar. Amma həkim bunu təyin edəndən sonra mən gedib həmin dərmanı ala bilərəm. Əgər həkim təyinatı olarsa, dərmanın reklamına nə ehtiyac var. Bu məsələlər qanundan çıxarılmalı və qəti şəkildə müddəa olmalıdır ki, dərman preparatlarının reklamına yol verilmir. Əxlaqa, mənəviyyata zidd reklamlar göstərirlər ki, bunlara da vətəndaşlarımız baxırlar. Bunlara yol vermək olmaz. Milli adət-ənənələrimiz, əxlaqımız var. Kim isə dərman gətirib bunu camaata satmaq istəyirsə, bu demək deyil ki, televiziyada reklama çevirməliyik. Ona görə hesab edirəm ki, dərman preparatlarının reklamı məsələsinə ciddi fikir verilməlidir və bu reklama heç vaxt yol verilməməlidir.
Ümumilikdə qanun layihəsinə səs verəcəyik. Hesab edirəm ki, dediyimiz fikirlər də layihədə öz əksini tapmalıdır.
Bir məsələyə də toxunmaq istəyirəm. İstehlakçıların hüquqlarının qorunması. Bu günə qədər kimsə dərmandan zəhərlənərkən məhkəmə qaydasında ona dəymiş ziyanın ödənilməsi imkanını əldə edə bilməyib. Adi misal gətirim. Bu yaxınlarda NATO Parlament Assambleyasının Kanadada tədbirindən qayıdırıq. Orada kəndlərdə insanlar süd istehsalı ilə məşğuldur. Orada bizə izah elədilər ki, əgər bir vətəndaş həmin süd istehsal eləyənə, fermerə yaxınlaşıb bir stəkan süd istəsə, bir milyon dollar versə belə, ona süd verməyəcəkdir. Həmin şəxs süddən xəstələnə və fermeri məhkəməyə verə, onun bütün əmlakını əlindən ala bilər. Ona görə nə qədər yalvarsa da ona süd vermir. Zavoda təhvil verir, zavoddan müəyyən sertifikat aldıqdan sonra həmin süddən istifadə oluna bilər. Bu cür məsuliyyət yaranandan sonra qanunsuz dərmanlar da Azərbaycana ayaq aça bilməz. Hər aptek müəssisəsində işləyən də çalışacaq ki, vaxtı keçmiş və yaxud da yararsız dərmanları insanlara satmasın. Sabah həmin vətəndaş gəlib onu məhkəməyə verə və ona dəymiş mənəvi, maddi, fiziki ziyanın ödənilməsini tələb eləyə bilər. Bu müddəalar da qanunda öz əksini tapsa, məqsədəmüvafiq ola bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə etdiyimiz qanun layihəsini sonrakı müddətdə də xalqımızın sağlamlığı üçün vacib amillərdən hesab edirəm. Hesab edirəm ki, biz bu qanun layihəsinə çox diqqətlə, həssaslıqla yanaşmalıyıq. Qanun layihəsinin birinci oxunuşunda mən çıxış eləmişəm, tənqidlərimi, təkliflərimi demişəm. Deputat həmkarlarımızın bu qanun layihəsinin birinci oxunuşunda sanballı çıxışları, iradları olub. Qanun layihəsində bir hissəsi nəzərə alınıb, amma bir hissəsi nəzərə alınmayıb. Ona görə də bir sıra məsələləri mən də yenidən təkrar deməyə məcburam.
Məsələn, 9.4-cü maddədə deyilir: “Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər”. Bu maddədə dərman vasitələrinin hansı şərtlər daxilində gətiriləcəyi və ya aparılacağı aydın deyil. Yəni həmin dərman vasitələrinin tərkibinin yerindəcə mütəxəssislər tərəfindən müəyyən olunması vacib deyilmi? Bayaq bununla bağlı məndən öncə çıxış eləyən hörmətli deputat həmkarım Rafiq Məmmədhəsənov danışdı və bir yeni maddənin əlavə olunmasını təklif etdi. Mən də həmin təklifi müdafiə eləyirəm. Hesab edirəm ki, bu boşluğun doldurulması üçün həmin maddənin daxil edilməsi çox yaxşı olardı.
9.5-ci maddədə deyilir: “Azərbaycan Respublikasına dərman vasitələrinin idxalını onların istehsalçıları, topdansatış əczaçılıq müəssisələri həyata keçirirlər. Dərman vasitələrinin keyfiyyətini, təhlükəsizliyini və səmərəliliyini müəyyən etmək üçün elmi tədqiqat müəssisələri də onların idxalını həyata keçirə bilərlər”. Elmi tədqiqat müəssisələrinin bu işə müdaxiləsi nə dərəcədə doğrudur? Elmi tədqiqat müəssisələrində respublikaya idxal olunan dərman vasitələrinin keyfiyyətinin, təhlükəsizliyinin, səmərəliliyinin yoxlanması üçün lazım olan kimyəvi reaktivlər varmı? Xahiş edirəm, bu məsələyə aydınlıq gətirilsin.
Hörmətli millət vəkilləri, bu qanun layihəsində əczaçılıq sahəsində ən vacib elementlərdən olan dərman təminatı haqqında maddə yoxdur. Dərman maddələrinin əhaliyə hansı formada çatdırılması haqqında heç nə deyilmir. Məlumdur ki, dərman maddələrinin əhaliyə çatdırılması əczaçılıq müəssisələri tərəfindən həyata keçirilir. Apteklər tərəfindən topdansatış və ya pərakəndə formada satılır. Bugünkü reallıq ondan ibarətdir ki, əhalinin ən çox narazılığı klinik xəstəxanalarda dərman maddələrinin olmamasındandır. Əhalinin böyük əksəriyyəti imkansızdır və bir çox hallarda özləri, yaxınları xəstələnəndə fantastik qiymətlərə satılan dərmanları almaq imkanları olmur. Səhiyyə naziri təyin olunduğu günlərdə dərman maddələrinin bolluğundan danışdı və əhalinin aztəminatlı təbəqəsinin dərman tələbatının ödənilməsi haqqında geniş bəyanatlar verdi. İlin sonuna bir neçə gün qalıb. Hələ də Bakı şəhəri Səhiyyə İdarəsinin nəzdində olan klinik xəstəxanalarda dərman üçün vəsait ayrılmamışdır və ya çox cüzi ayrılmışdır. Həmin vəsait bir çox klinik xəstəxanalara bu günlərə qədər gedib çatmayıb.
Bu azmış kimi, hörmətli səhiyyə naziri tərəfindən klinikalarda qanuni lisenziya əsasında ixtisaslı əczaçılar tərəfindən həyata keçirilən fəaliyyətə qeyri-rəsmi şəkildə qadağa qoyulmuşdur. Bayaq hörmətli Musa müəllimin dediyi kimi, düzəlişlər nəzərə alınıb. Səhiyyə naziri doğru mövqedədir və həmin apteklərin fəaliyyətini qadağan eləyən maddənin salınması təklif olunur. Mən bunun qəti əleyhinəyəm. Neçə aylardır ki, onların fəaliyyəti dayandırılıb. Hansı səbəbdən? Bildiyiniz kimi, lisenziya nazir tərəfindən imzalanmış, möhürlənmiş sahibkarlıq haqqında qanuni sənəddir. Sahibkarlıq və onun inkişafı ilə bağlı ölkədə müvafiq fərmanlar mövcuddur. Sahibkarlara müvafiq şərait yaratmaq, onlara kömək etmək hər bir məmurun vəzifə borcudur. Nazir isə bütün bunlara baxmayaraq klinikalarda fəaliyyət göstərən yüzlərlə əczaçının fəaliyyətini dayandırır. Bu nə dərəcədə doğrudur?
Təkcə Bakı şəhərində onlarla klinik xəstəxana mövcuddur. Oradakı əczaçılıq şöbələrində mütəxəssislər işləyirlər. Ancaq küçə apteklərində çalışanların, bildiyiniz kimi, əksəriyyəti qeyri-peşəkardır. Bayaq hörmətli Siyavuş müəllim apteklərin hansı formada tikilməsi və fəaliyyət göstərməsi ilə bağlı fikirlər dedi. Mən keçən oxunuşda da demişəm. Yenə də təkrar edirəm, klinikada həkimlər firmalarla əlaqəyə girib dərman alveri ilə məşğul olurlar. Belə çıxır ki, mütəxəssislər bilərəkdən kənarlaşdırılır. Ancaq həkimlərə süni olaraq şərait yaradılır ki, dərman alveri ilə məşğul olsunlar. Beləliklə, əhalinin dövlət qayğısına ehtiyacı olan hissəsi - xəstələr bilərəkdən aldadılır, narazılıqlar bir az da artır. İndi siz deyin, hörmətli millət vəkilləri, Səhiyyə Nazirliyində gedən islahatlar bundanmı ibarətdir?
Aydındır ki, klinik xəstəxanalardakı apteklər orada olan xəstələri dərmanla təmin eləməlidir. Bu iki yolla olmalıdır. Həmin apteklər dərmanla təmin olunmalı və xəstələrə həmin apteklər xidmət göstərməlidir. Hamımızın yaxınları, qohumları xəstəxanalara düşür, xəstələnir, biz gedirik və orada dərman təminatının necə olduğunu çox gözəl bilirik. Bilirik, oraya çatan kimi həkimlər yekə bir siyahı verirlər ki, buyur, get, al, gətir. Vəziyyəti özün bilirsən, çünki bu yoxdur. Səhiyyə nazirinin belə bir imkanı yoxdursa, xəstəxanalara 50 adda dərman versin. Bu gün 1500-2000 adda dərman preparatları mövcuddur ki, onların bir çoxu xəstəxanalara verilmir. Ancaq həmin apteklərə imkan vermək lazımdır. Eyni zamanda Səhiyyə Nazirliyi nəzarət eləməlidir ki, fantastik faizlər qoyulmasın. Bu adamlar vergi verə bilsinlər, eyni zamanda da klinikalardakı xəstələrin dərmanla təminatını operativ şəkildə həyata keçirsinlər. Bu zaman artıq xalqın aztəminatlı təbəqələri də bundan istifadə etmiş olar və narazılıq xeyli dərəcədə aradan qalxar.
Hörmətli millət vəkilləri, biz yol verməməliyik ki, hansısa məmur qeyri-qanuni qərarlar versin və millətin taleyi ilə oynasın. Bizlər qanunvericilik orqanının üzvləri olaraq belə neqativ halları kəskin tənqid etməli və bunların aradan qaldırılmasına nail olmalıyıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. İlham Məmmədov.
İ. Məmmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli həmkarlarım! İnsanların sağlamlığına xidmət edən ən vacib məsələlərdən birincisi məhz dərman təhlükəsizliyidir. 1996-cı ildə “Əczaçılıq fəaliyyəti haqqında” Qanun qəbul edilmişdir. Lakin qanunda olan boşluqlar zəruriyyət yaratmışdır ki, bu qanun yenidən işlənilsin və təkmilləşdirilsin. Artıq xalqımızın sağlamlığını, rifah halının yaxşılaşması istiqamətində qanunları ilk olaraq hazırlayaraq qəbul edən parlamentimiz bunu nəzərə alaraq insanların sağlamlığına xidmət edən Onkoloji yardım haqqında və Dərman vasitələri haqqında qanunların üçüncü çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk sessiyalarında qəbul olunmasını tövsiyə etmişdir.
Bu gün Dərman vasitələri haqqında qanun layihəsi artıq ikinci oxunuşa təkmilləşdirilmiş halda təqdim olunmuşdur. Burada məndən əvvəl çıxış edən deputat həmkarlarımız dedilər ki, xəstəxanalarda şərait yaratmaq, sahibkarlığa bu sahədə kömək etmək lazımdır. Bu qanun təkmilləşdirilmiş halda qəbul edilsə, şübhəsiz ki, şərait yaradılacaqdır. Ancaq nəzərə almaq lazımdır ki, dərman istehsalı və ticarəti sahəsində dövlət tənzimlənməsi mütləq vacibdir. Dərmanlar nə qədər paradoksal olsa da, ən müdhiş silah növlərindən biridir.
Musa müəllim burada qanun layihəsi barədə çox geniş və ətraflı məlumat verdi. Bu qanun layihəsinin ikinci oxunuşda nə qədər təkmil hazırlanması barədə fikirlərini bildirdi. Şübhəsiz ki, mən də Sosial siyasət daimi komissiyasının üzvü və bir həkim kimi çıxış etməyə bilməzdim. Bildirmək istəyirəm ki, komissiyada deputatların bütün təkliflər və rəyləri dinlənilmişdir. Sosial siyasət daimi komissiyası deputatlarının, Səhiyyə Nazirliyinin əməkdaşlarının, aidiyyətli mütəxəssislərimizin, müstəqil ekspertlərin fikir və təklifləri çox dolğun olaraq nəzərə alınmış, müzakirələr nəticəsində təkmilləşdirilərək, layihə bu gün ikinci oxunuşa təqdim olunmuşdur. Mən qanun layihəsinin üzərində mükəmməl işlənildiyini bir neçə dəlillə sizə çatdırmaq istəyirəm.
Bu gün müzakirəmizə təqdim olunan qanunun I fəslinin “Əsas anlayışlar” adlanan hissəsində 16 anlayış öz əksini tapmışdır. Əvvəlki qanunda isə 6 anlayış öz əksini tapmışdı. Qanun layihəsində göstərilir ki, xəstəliklərin diaqnostikası, profilaktikası və müalicə məqsədi ilə istifadə edilən tibb vasitələri, tibb cihazları, əşya və materialları, alətləri, avadanlıqları, tibb reaktivləri, optik ləvazimatlar bu qanunun məqsədləri üçün dərman vasitələrinə bərabər tutulur. Göründüyü kimi, “Əsas anlayışlar” çox geniş və əhatəli, mükəmməl işlənmışdir.
Biz bu qanunun qəbul edilməsinə səs verməliyik. Deyilən iradların hamısını yerinə yetirmək, yəni doğrudan da, insanları təhlükəsiz dərman vasitələri ilə təmin etmək üçün müvafiq icra hakimiyyəti orqanlarına səlahiyyət verilməlidir ki, bunu həyata keçirsinlər. Gəlin bu qanunu qəbul edək və sonra müvafiq icra hakimiyyəti orqanlarından tələb edək. Hər birimizə aydındır ki, son illərdə Səhiyyə Nazirliyinin qarşıya qoyduğu əsas prioritet məsələlərdən biri məhz dərman təhlükəsizliyi sistemində çalışmaqla bu sahəni yaxşılaşdırmaqdır və atılan addımlar da buna doğru yönəldilmişdir. Şübhəsiz ki, bunu danmaq insafsızlıq olardı.
Bu qanunun predmeti olmasa da, burada dərman istehsalı barədə fikirlər səsləndi. Mən öz fikrimi bildirmək istəyirəm. Biz bu qanunu əldə əsas tutaraq, dərman sahəsində milli təhlükəsizlik sistemi yaratmalıyıq. Bu məsələ inkişaf etmiş dövlətlərin ümummilli təhlükəsizlik sisteminin tərkib hissələrindən biridir. Rusiyada Nazirlər Kabinetinin verdiyi ən vacib qərarlar kimi məhz spirtli içkilərin və dərman vasitələrinin satışı ilə ancaq ölkə vətəndaşlarının məşğul olması haqqında qərar göstərilir. Fürsətdən istifadə edərək bildirmək istəyirəm ki, dərmanların istehsalı mütləq dövlətin nəzarəti altında olmalıdır. Ölkəmizin müharibə şəraitində olmasını nəzərə alaraq strateji əhəmiyyət daşıyan və yalnız zərurət yarandıqda istifadə edilən toxunulmaz dərman ehtiyatı yaratmalıyıq. Bunun üçün isə tibbi preparatların istehsalını yaratmalıyıq. Bu istehsal üçün stimullar müəyyənləşdirməliyik. Bu gün, təəssüf ki, belə stimullar yoxdur. Bu stimullar müəyyənləşdirilsə, dərman sahəsində istehsal qeyri-neft sektorunun inkişafına bir töhfəmiz ola bilərdi.
Bu sahədə ölkəmizin, respublikamızın təcrübəsi də var. Səhiyyə Nazirliyinin əməkdaşları da yəqin mənim fikrimi təsdiqləyərlər. Böyük vətən müharibəsi illərində Azərbaycanda 40 adda dərman istehsal edilirdi. Vaksinlər və zərdabların istehsal edildiyi məşhur epidemiologiya və mikrobiologiya institutlarından biri bizim respublikada yerləşirdi. Keçən əsrin 1970-1980-ci illərində respublikamızda kifayət qədər fizioloji məhlullar istehsal edilirdi. Bizim alimlərimiz öz keyfiyyətinə görə bir sıra ölkələrdə buraxılan aspirinlərdən yaxşı olan aspirin sintez etmişlər. Bütün bunlar faktdır.
Belə mükəmməl bir qanunun qəbul edilməsinə deputat həmkarlarımı çağırmaq istəyirəm. Bu qanuna səs verərək müvafiq icra hakimiyyəti orqanlarından tələb edək ki, bu qanunun həyata keçirilməsinə yardımçı olsunlar. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Çox sağ olun. Ülvi Quliyev.
Ü. Quliyev. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də bu qanun layihəsi ilə bağlı bəzi təkliflərimi səsləndirmək istərdim. Bayaq hörmətli həmkarımız Musa müəllim çıxışında artıq bunu qeyd etdi. Məni çox narahat edən təkliflərdən biri artıq öz həllini tapıb. Azərbaycanda özəl apteklərdən, özəl topdansatış müəssisələrindən başqa kifayət qədər dövlət aptekləri və topdansatış müəssisələri mövcuddur. Təxminən 400-ə yaxın dövlət apteki var. Bunların 200-ü Bakıda, 200-ü isə Azərbaycanın digər rayonlarında yerləşir. 10-a yaxın dövlət topdansatış depoları mövcuddur. Onların fəaliyyəti ilə bağlı məsələlər qanun layihəsində öz əksini tapmamışdır. Qanun layihəsində göstərilmişdir ki, xüsusi razılıq, yəni lisenziya olmadan fəaliyyət mümkün deyil. Sonradan hörmətli həmkarımız Musa müəllim məruzə edəndə artıq 1.0.10, 1.0.11 və 1.0.12-ci maddələrdə və 5.1-ci maddələrdə hüquqi şəxs statuslu dövlət müəssisələrinin, yəni heç bir lisenziya olmadan fəaliyyət göstərməsi qanun layihəsində öz əksini tapdı. Bu çox vacib idi və təqdirəlayiq haldır.
Keçən dəfə də bir çox deputat həmkarlarım öz təkliflərini irəli sürdülər və bu təkliflərin çoxu qəbul olunub. Mən bəzi təkliflərimi də bildirmək istəyirdim. Məsələn, 5-ci maddədə əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması ilə bağlı şərtlər göstərilir. Çox vacib şərtdir ki, əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması prosesində əsasən yalnız ali təhsilli əczaçılara, provizorlara lisenziyalar verilsin. Bu çox vacib şərtdir. Əgər praktikaya nəzər salsaq görərik ki, hər hansı xəstəxananın baş həkiminin orta təhsilli tibb bacısı və ya sanitar olması praktikada yoxdur. Aptek sistemində də belə olması daha məqsədəuyğundur. Çünki bu strateji əhəmiyyətli bir məsələdir. Bu sahədə istər topdansatış, istərsə də  pərakəndə satış müəssisələri rəhbərlərinin ali təhsilli olması daha məqsədəuyğundur. Yaxşı olardı ki, 5-ci maddədə əczaçılıq fəaliyyətinin lisenziyalaşdırılması məsələsində əsasən müddət göstərilsin. Həmin lisenziyanın hansı müddətə verilməsi nəzərdə tutulur?
Bir məqam da məni çox narahat edir. Bu, dərman vasitələrinin reklamı ilə bağlıdır. Hörmətli həmkarım Siyavuş Novruzov bu haqda təkliflərini verdi. Mən də onunla tamamilə razıyam ki, dərman vasitələrinin reklamı əgər müəyyən mənada həkimlər üçün lazımdırsa, vətəndaşlar üçün bu mənfi hallara, fəsadlara daha çox gətirib çıxara bilər. Nəyə görə? Çünki vətəndaşlar müəyyən xəstəlikləri, problemləri olarkən həkimə müraciət etməyib, reklama baxacaqlar. Bu maddədə göstərilib ki, dərmanları müəyyən şərtlər əsasında reklam etmək olar. Amma razılaşaq ki, kifayət qədər insan heç bir həkim müayinəsindən keçmədən, həkim məsləhəti almadan bu dərmanlardan istifadə edəcək. Təbii ki, əgər dərmanlar müəyyən dozada müalicəvi xarakterə malikdirlərsə, digər tərəfdən bunun əks təsirləri də var. Özünümüalicə məsələlərinə bir az da reklamla təkan verəcəyik. İnsanlar belə reklama baxdıqda bu məsələlərdə daha fəal olacaqlar. Bundan fəsadlar, mənfi hallar yarana bilər. Mən təklif edərdim ki, əczaçılıq təşkilatları, müəssisələri ilə vətəndaşlar arasında və həkimlərlə, xəstəxanalarla əczaçılıq təşkilatları arasında informasiya xidməti daha da genişləndirilsin və yaxşılaşdırılsın. Reklam həkimlər üçündür.
Bundan başqa, mən bir neçə təklif də vermək istərdim. Həmin təkliflər əczaçılıq sahəsində müəyyən problemlərin aradan qaldırılması üçün çox vacibdir. Bu barədə mənim məlumatım yox idi. İndi soruşdum, dedilər ki, artıq farmakopeya şurası yaradılıb və bu şura fəaliyyətə başlayır. Əczaçılıq sahəsində mənfi halların aradan qaldırılması üçün farmakopeya komitəsinin yaradılması çox vacib şərtdir. Səhiyyə Nazirliyinin nəzdində farmakopeya komitəsi yaradılsın, çünki farmakopeya bütün dərmanların konstitusiyasıdır. Farmakopeya komitəsi bu sahədə baş verən bütün neqativ halları aradan qaldırmağa böyük tövsiyələrini verə bilər. Bir çox dövlətlərdə artıq belə komitələr, əczaçılıq sahəsində elmi tədqiqat institutları mövcuddur. Əfsuslar olsun ki, bizdə bu sahədə müəyyən addımlar atılmayıb.
Ümumiyyətlə, əczaçılıq sahəsində elmi tədqiqat institutlarınin təsis olunması haqqında təklif yaxşı təklifdir. Bu həm peşəkar əczaçıların hazırlanması, həm də müəyyən dərman preparatlarının tədqiqatı, onların kliniki yoxlamalardan keçirilməsi ilə bağlı çox lazımlı bir qurumdur.
Bir məsələni də nəzərə çatdırmaq istəyirəm. Biz müharibə şəraitində yaşayırıq və kifayət qədər gərginlik, əsəbilik, yuxusuzluq halları olur. Narkotik və psixotrop dərmanların siyahısı həddən artıq sərtləşdirilib. Görürsünüz ki, yuxu gətirən, əsəb sakitləşdirici dərmanları əldə etmək vətəndaşlar üçün böyük çətinliklər yaradır. Bu siyahının gələcəkdə yüngülləşdirilməsi, yumşaldılması çox vacib şərtdir.
Bir fikri də söyləmək istərdim. Həkimlərə, müəllimlərə fəxri adlar verilir. Məsələn, əməkdar müəllim, əməkdar həkim. Əczaçılıq sahəsində də kifayət qədər alimlər, xidməti olan insanlar var ki, gələcəkdə onlara da fəxri adların verilməsi çox təqdirəlayiq hal olardı. Mən bunu təklif kimi irəli sürmək istəyirəm.
Qanun layihəsi ilə bağlı demək istəyirəm ki, qanun layihəsini müsbət qiymətləndirirəm. Birinci oxunuşla ikinci oxunuş arasında çox böyük fərq var, müəyyən təkliflər qəbul olunub. İnanırıq ki, bu gün səslənən təkliflər də qəbul olunacaq, müəyyən dəyişikliklər, düzəlişlər ediləcək və mükəmməl bir qanun layihəsi hazırlanacaqdır. Mən bu qanun layihəsinə səs verirəm və bütün deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mənim yaxşı yadımdadır, bu qanun layihəsi artıq dördüncü dəfədir ki, Milli Məclisin müzakirəsinə çıxarılır. 1996-cı, 1997-ci, 2002-ci illərdə, bir də 2006-cı ilin aprel ayında birinci oxunuş idi, indi isə təxminən 6-7 aydan sonra ikinci oxunuşdur. Mən bunu təbii qarşılayıram, çünki əczaçılıq fəaliyyəti, dərman vasitələri ilə əlaqədar olaraq qanunun təkmilləşdirilməsinə çox ciddi ehtiyac duyulur. Bunun nəticəsidir ki, bu qanun layihəsi dördüncü dəfə belə ətraflı şəkildə müzakirə olunur.
Mənim yaxşı yadımdadır, aprel ayında müzakirə olunarkən Musa müəllim öz çıxışında dedi ki, ancaq qeydiyyatdan 2600-ə qədər dərman keçibdir. Lakin satışda bu dərmanların miqdarı 5 mindən artıqdır. Yəni qeydiyyatdan 2600 dərman keçir, 5 min dərman satılır. Onların yarıdan çoxu qeydiyyatsız şəkildə satılır. Bizim orada çox təkliflərimiz oldu, mütəxəssislər, xüsusilə həkimlər, əczaçılıqla məşğul olan deputatlar çox yaxşı təkliflər verdilər. Musa müəllim və komissiya çox sağ olsun ki, qanun layihəsini təkmil şəkildə bu gün ikinci oxunuşa çıxarıbdır. İrəli sürülən təkliflərin əksəriyyəti nəzərə alınıbdır.
Ancaq bir məsələ mənim üçün qaranlıqdır. Qanun layihəsinin adı üç oxunuşda belə olub: “Əczaçılıq fəaliyyəti haqqında” olub. Bu dəfə adını dəyişiblər, “Dərman vasitələri haqqında” qoyublar. Qanun birinci adına daha çox oxşayır, “dərman vasitələri haqqında” isə bir o qədər də aydın səslənmir. Mənim bir neçə təklifim var. Əsasən onların üzərində fikrimi tamamlamaq istəyirəm. Təqdirəlayiq haldır ki, köhnə qanundan fərqli olaraq bu qanun layihəsində əczaçılıq sahəsindəki çatışmazlıqları aradan qaldıracaq bir sıra yeni maddələr var. Məsələn, “Dərman vasitələrinin istifadəsi təlimatlarına tələblər” adlanan 11-ci maddədə göstərilir ki, ölkəyə idxal edilən dərman vasitələrinin istifadə təlimatları Azərbaycan dilində olmalıdır. Bu əsas şərtdir. Yəni Azərbaycan dili ilə yanaşı olaraq başqa dillərdə də təlimatın verilməsi qadağan olunmur. Amma azərbaycanca mütləq olmalıdır. Gəlin görək belədirmi? Bildirmək istəyirəm ki, bu çox mühüm məsələdir. Ölkəmizə müxtəlif dövlətlərdə istehsal olunan dərman vasitələri gətirilir və satışa buraxılır. Bunların böyük əksəriyyətində təlimatlar xarici dillərdə olur. Bir çoxu da alman, fransız, yəhudi və digər dillərdədir. Çoxunun heç ingilis və ya rus dilində də təlimatı yoxdur. Vətəndaş dərmanı alır, həkimin verdiyi reseptə əsasən qəbul etmək məcburiyyətində qalır. Həmin preparatın əks göstəriciləri və digər təsirləri barədə məlumatlarla tanış ola bilmir. Bu maddə vətəndaşlarımız tərəfindən razılıqla qarşılanacaq və onların bu sahədəki problemlərini həll edəcəkdir.
Keçən dəfə bir məsələyə xüsusi toxunmuşdum. Bu da layihədə formal bir düzəlişə səbəb olubdur. Ona görə də xahiş edirəm, həmin məsələyə diqqətlə yanaşsınlar. Qanun layihəsinin 4-cü maddəsindəki 2-ci bəndin üçüncü hissəsində yazılır: “dərman vasitələrinin idxalına icazə verir”, yəni ölkəyə daxil olmasına icazə verir. Əczaçılıq fəaliyyətinin tənzimlənməsinə yönəldilən bəndlərdən birində idxal haqqında danışılırsa, bu, ixraca da aid edilə bilər. Ona görə də təklif etmişdim ki, həmin hissə belə yazılsın: “dərman vasitələrinin idxalına və ixracına icazə verir”. Keçən dəfə də Musa müəllimin məruzəsini dinlədik. Çox qəribə haldır ki, Azərbaycana gələn dərmanların 99 yox, 100 faizi alınmadır. Hamısı idxaldır. İxraca bir dənə də dərman getmir. Həqiqətdə isə bu dərmanlar gedir. Sahibkarlar tərəfindən xaricə göndərilir, yəni ixrac olunur. Amma bu, sadəcə olaraq, dövlət nəzarətindən, dövlət qeydiyyatından kənarda qalır.
Bu qanun layihəsinə 9-cu maddəni əlavə ediblər. Maddə “Dərman vasitələrinin idxalı və ixracı” adlanır. Maddəni oxuyanda deyirsən, yəqin necə xaricdən bizə dərman gəlirsə, bizdən də xaricə dərman gedəcək. Ancaq məlum olur ki, belə deyil. 9.4-cü bəndi oxuyuram: “Azərbaycan Respublikasına gələn və ya xaricə gedən şəxslər şəxsi istifadə üçün zəruri miqdarda dərman vasitələrini, o cümlədən Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməyən dərman vasitələrini maneəsiz gətirə və apara bilərlər”. Tutaq ki, bir turist cibində bir dərman aparır və gətirirsə, bunun idxal-ixraca nə dəxli var? Bu tamamilə başqa söhbətdir.
İkinci tərəfdən, Azərbaycan dərman bitkiləri ilə zəngin bir ölkədir, burada dərman istehsal edib dövlət səviyyəsində idxal edildiyi kimi, ixrac da edilsin. Sonra 12-ci maddədə yazılır: “Bu qanunla dövlət qeydiyyatı tələb olunan, lakin qeydiyyatdan keçməyən, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan saxta... və sanitariya normalarına uyğun məhv edilir”. Yaxşı, sən bunu niyə qəbul edirsən ki, sonra uyğun gəlməyənlər məhv edilsin? Bu sanitariya normalarına uyğun deyilsə, onları yandır. Ancaq bunları necə qəbul edirlər, sonra da niyə bu dərmanları yandırırlar? Buna icazə verilməsin.
Sonra, bir məsələyə, burada mütəxəssislər iştirak edir, toxunmaq istəyirəm. Zəruri hallarda insan dərman vasitələrindən istifadə edir. Ancaq biz görmüşük, tarixən də belədir, ət də, süd də, digər məhsullar da bahalana bilər, amma dərman preparatları çox bahalanıblar. Adi başağrı dərmanının da qiyməti çox bahadır. Hələ başqa dərmanları demirəm. Burada çıxış edənlər dedilər ki, 400-ə qədər dövlət əczaxanaları var. Nə qədər topdansatış müəssisələri var. Dərmanların qiyməti tənzimlənməlidir ki, dərmanların satışında bu qədər artıma yol verilməsin.
Sonra, burada bir məsələyə də toxunmaq istəyirəm. Qanun layihəsində yazılır: “Dərman vasitələrinin tətbiqi, dövriyyəsi ilə məşğul olan fiziki və hüquqi şəxslərin qanuna zidd hərəkətləri nəticəsində insan sağlamlığına vurulmuş zərər qanunvericiliklə müəyyən olunmuş qaydada həmin şəxslər tərəfindən ödənilir”. Çox sağ olsunlar. Keçən dəfə yazılmışdı ki, əgər saxta dərmanlar satılırsa, həkimə, yaxud əczaçıya cəza vermək lazımdır. Biz dedik ki, istehsalçı qalır axı, həkim dərmanı təyin edir, aptekçi də satır. Bunu keyfiyyətsiz istehsal edən isə qalır qıraqda. Ona görə istehsalçıya cəza vermək lazımdır ki, onu normal istehsal eləsin. Yaxud istehsal eləyə bilmirsə, eləməsin. İndi yaxşı istehsalçını əlavə eləyiblər. Çox sağ olsunlar. Ancaq ziyan həmin şəxslər tərəfindən ödənilir. “Ödəmək” nədir? Bu cəza tədbiri bir qədər də sərtləşdirilməlidir.
Mən bu qanunu çox zəruri, əhəmiyyətli sayıram. Hesab edirəm ki, qanun layihəsinin üzərində çox işlənmişdir. Fikirləşirəm ki, bir və ya beş ildən sonra bu qanunun təkmilləşdirilməsinə ehtiyac olacaqdır. Ancaq indiki şəkildə müəyyən düzəlişlər aparmaqla bu qanun layihəsinə səs verilməsinə...
Sədrlik edən. Çox sağ olun, Nizami müəllim. Əli Əhmədov, buyurun.
Ə. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Mən də hesab edirəm ki, müzakirə etdiyimiz Dərman vasitələri haqqında qanun layihəsinin əhəmiyyəti barədə əlavə söz deməyə elə bir ehtiyac yoxdur, çünki bunun mənasını müzakirədə iştirak edənlərin hər biri çox yaxşı dərk edir. Burada səsləndirilən bütün fikirlərə tərəfdar olduğumu bildirməklə yanaşı, bir neçə məsələ ilə əlaqədar mən mülahizələrimi səsləndirmək niyyətindəyəm.
Bu gün hər kəsə çoxlu sayda saxta, keyfiyyətsiz, vaxtı ötmüş dərmanların satılması haqqında məlumatlar məlumdur. Ən maraqlısı da ondan ibarətdir ki, apteklərdə baş alıb gedən bu cür hallara qarşı səmərəli şəkildə mübarizə aparmaq yolları, yaxud mübarizənin hüquqi bazasının olmaması kimi ciddi narahatlıq doğuran mənzərə də mövcuddur. Mən bu mövzu ilə əlaqədar hörmətli Oqtay Şirəliyevlə söhbət aparmışam və məlum olub ki, Azərbaycanın müvafiq, o cümlədən də səhiyyə orqanları apteklərdə keyfiyyətsiz, saxta, vaxtı ötmüş dərmanların satışına qarşı səmərəli, keyfiyyətli mübarizə aparmaq üçün hüquqi mexanizmlərə malik deyildirlər.
Beləliklə də, nəticə bundan ibarət olur ki, apteklər insanlara keyfiyyətsiz dərmanları sataraq onların sağlamlığına böyük zərbə vururlar və buna qarşı Azərbaycanın səhiyyə təşkilatları, nəinki səhiyyə təşkilatları, digər təşkilatlar da mübarizə apara bilmirlər, sadəcə, bunun qarşısını ala bilmirlər. Hesab edirəm ki, bu gün müzakirə etdiyimiz qanun layihəsinin bir neçə çox vacib məqsədlərindən biri də Azərbaycanın aptek şəbəkəsində çox geniş yer almış saxta, vaxtı ötmüş dərmanların satışının qarşısını almaq üçün mübarizə aparmaqdır. Biz bu qanunu qəbul etməklə yanaşı, elə bir mexanizm hazırlamalıyıq ki, həm səhiyyə təşkilatları, həm də müvafiq təşkilatlar apteklərdə saxta, keyfiyyətsiz, vaxtı ötmüş dərmanların satışının qarşısını kəskin şəkildə ala bilsinlər, bununla məşğul olan hüquqi, fiziki şəxslərə qarşı da müvafiq tədbirlər görə bilsinlər.
Mən qeyd etmək istəyirəm ki, qanun layihəsi təqdim edilərkən Səhiyyə Nazirliyi tərəfindən bu yöndə bir sıra təkliflərin irəli sürüldüyü səsləndirildi, amma həmin təkliflərin nədən ibarət olduğu, nə dərəcədə səmərəli olduğu barədə məlumatlı deyilik. Bununla əlaqədar olaraq bir sıra maddələrdə saxta, keyfiyyətsiz dərmanların satışının qarşısını almaq üçün səmərəli müddəaların daxil edilməsini və ümumiyyətlə, səmərəli mexanizmin yaradılmasını məqsədəuyğun sayardım. Mən hesab edirəm ki, bu sahədə dövlətin həyata keçirdiyi siyasətin vacib məqsədlərindən biri də saxta və keyfiyyətsiz dərmanlara qarşı mübarizə aparılmasından ibarət olmalıdır. Bununla əlaqədar təklif edirəm, hörmətli komissiya bu məsələni nəzərdən keçirsin. Qanun layihəsinin “Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri” adlı 3-cü maddəsinə dövlətin vəzifələri sırasına həm də saxta, keyfiyyətsiz, vaxtı ötmüş dərman vasitələrinə qarşı səmərəli mübarizə aparılması ilə əlaqədar bir müddəanı daxil etsinlər. Hesab edirəm ki, həmin müddəa səhiyyə təşkilatlarının bu sahədə kifayət qədər hüquqi baza olmadığına görə səmərəli mübarizə apara bilmədikləri ilə bağlı səsləndirdikləri fikir nəzərə alınaraq daxil edilməlidir.
4-cü maddə “Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsinin üsulları” adlanır. Burada da mənə elə gəlir ki, müddəalar sırasına yenə də saxta və keyfiyyətsiz dərmanların satışına qarşı səmərəli mübarizə aparılması məqsədi ilə çox ciddi müddəa daxil eləməliyik. Həmin üsulların içərisində də kifayət qədər bu istiqamətdə mübarizə aparılması ilə əlaqədar müddəa yoxdur, səmərəli mexanizmin yaradılması üçün lazımi addımlar atılmayıb.
Qanun layihəsində 8-ci maddə “Dərman vasitələrinin keyfiyyəti, səmərəliliyi və təhlükəsizliyi üzərində dövlət nəzarəti” adlanır. Düşünmək olardı ki, bu maddə belə bir mexanizmin yaradılmasını nəzərdə tutur. Təəssüflər olsun ki, həmin maddə cəmisi 4 sətirdən ibarətdir və ümumi sözlərdən başqa bir şey deyil. Mən hesab edirəm ki, 8-ci maddə ciddi şəkildə gücləndirilməli, dövlətin bu istiqamətdə apardığı siyasətin səmərəli nəticələrə gətirməsini təmin edən mexanizm formalaşdırılmalıdır.
Nəhayət, burada səsləndirilən bir neçə fikirlə razılaşaraq, 17-ci maddə ilə əlaqədar fikirlərimi bildirmək istəyirəm. Bu da ondan ibarətdir ki, saxta, keyfiyyətsiz dərmanların satışı nəticəsində insanların sağlamlığına vurulan zərərin ödənilməsi ilə əlaqədar həddən artıq yüngül tədbirlər nəzərdə tutulub. Burada artıq Nizami Xudiyev də fikir səsləndirdi ki, sadəcə olaraq, vurulan zərərin maddi formada ödənilməsi yox, bəlkə də buna görə çox ciddi tədbirlərin görülməsi, o cümlədən cinayət işinin qaldırılması məqsədəuyğun olardı. Dövlətin siyasətinin çox vacib istiqamətlərindən biri səsləndirildi.
İnsanların sağlamlığının qorunması, ümumiyyətlə, milli təhlükəsizliyin ən vacib elementidir. Əgər qəbul elədiyimiz qanunda insanların sağlamlığının təmin edilməsi ilə əlaqədar çox ciddi mexanizmlər hazırlanmayacaqsa, apteklərdə keyfiyyətsiz, köhnəlmiş, insanların sağlamlığına kömək eləmək əvəzinə onlara çox ciddi zərbələr vuran dərmanların satışının qarşısının alınması üçün yenə də səhiyyə və dövlət orqanları səmərəli mübarizə aparmaq iqtidarında olmayacaqlar. Dərmanların yüksək qiymətə satılması nəticəsində böyük qazanclar götürən insanlar bu qazanclarının halal olmasını təmin etməkdən ötrü heç olmasa keyfiyyətli və vaxtı ötməyən dərmanların satışını təmin eləməlidirlər. Mən elə hesab edirəm ki, qanun layihəsinin ayrı-ayrı maddələrində saxta dərmanlara, keyfiyyətsiz, vaxtı ötmüş dərman vasitələrinin satışına qarşı səmərəli mübarizə aparılmasını nəzərdə tutan müddəaları əlavə etməklə, çox qısa müddətdə bu qanunu qəbul eləmək lazımdır ki, apteklərimizdə baş alıb gedən saxta dərmanların satışı ilə əlaqədar xoşagəlməz vəziyyət aradan qaldırılsın. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox sağ olun, hörmətli Sədr. Mən geniş danışmaq istəmirəm. Musa müəllim, 3-cü maddə “Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri” adlanır. Hər bir vəzifəyə aid öhdəlik də var. Öhdəlik yerinə yetirilmirsə, ya məcburi, ya başqa şəkildə öhdəliyi yerinə yetirməyən tərəf vurulmuş ziyanı ödəməlidir. Sual bundan ibarətdir. 3.1.1-ci bənddə deyilir: “əhalinin keyfiyyətli dərman vasitələri almaq hüququna təminat verilməsi”. Hüquqi və bu hüququn, haqqın icrası cəhətdən necə izah eləyə bilərsiniz və bu təminatı dövlət bir vəzifə kimi necə yerinə yetirəcəkdir? Sabah bu, dövləti kiminlə isə də üzbəüz qoymayacaq?
İkincisi, 3.1.5-ci bənddə deyilir: “dərman vasitələri üçün xammal olan təbii ehtiyatların qorunub saxlanılması və artırılması”. Mən sabah dövləti məhkəməyə verməliyəm ki, nənəm deyirdi, filan ot dərmandır, dövlət isə bunu artırmır, qorumur? Bu nə vəzifədir? Dövlət bunu necə təmin eləməlidir? Təbii ehtiyatların hansının dərman vasitələri olacağını kim, necə təyin edəcəkdir?
3.1.6-cı bənddə yazılır: “dərman vasitələrinin istehsalının stimullaşdırılması, həyati vacib dərman vasitələrinin istehsalı üzrə dövlət sifarişlərinin verilməsi”. Nə deməkdir bu? Dövlət öhdəlik götürür ki, dərman vasitəsinin istehsalını stimullaşdıracaq? Bu nə deməkdir? Həyati vacib dərman vasitələrinin istehsalı üzrə dövlət sifarişlərinin verilməsi dövlətin hüququ ola bilər, lazım biləndə sifariş verə bilər. Amma vəzifədirsə, gəlib sabah dövlətin yaxasından yapışım ki, mənə niyə vəzifə vermirsən?
Bir məsələ də idxal-ixracla bağlıdır. Nizami müəllim buna bir balaca toxundu. Ancaq II fəsildə, 5.1-ci maddədə deyilir: “…Xüsusi razılıq, lisenziya, əczaçılıq fəaliyyətinin aşağıdakı növləri üzrə verilir.
5.1.1. dərman vasitələrinin istehsalı;
5.1.2. dərman vasitələrinin topdansatışı;
5.1.3. dərman vasitələrinin pərakəndə satışı”. Mən belə başa düşdüm ki, idxal-ixraca lisenziya verilmir. Düzmü başa düşdüm?
Yerdən. (Eşidilmir.)
V. Ələsgərov. Onda keçirik 6-cı maddəyə. 6.1-ci bənddə deyilir: “Bu Qanunun 6.4-cu və 9.3-cü maddələri ilə nəzərdə tutulmuş hallar istisna olmaqla, dərman vasitələrinin Azərbaycan Respublikasına idxalına, Azərbaycan Respublikası ərazisində istehsalına, satışına və istifadəsinə yalnız müvafiq icra hakimiyyəti orqanında dövlət qeydiyyatına alındıqdan sonra yol verilir.” İstehsal varsa, ixrac da oluna bilərmi və ixraca qeydiyyat lazım deyil ki? İxrac-idxalla əlaqədar başqa maddələr üzrə də suallarım var, vaxtınızı almamaq üçün bunları sadalamıram, imkan olsa, bunu bu dəqiqə yox, başqa bir vaxt izah eləyərsiniz. Amma məni ən çox narahat eləyən bu vəzifələrdir. Sabah Azərbaycan dövləti beynəlxalq məhkəmədə kiminlə isə boş yerdən üz-üzə durmasın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Sağ olun, cənab Sədr. Mən də bütövlükdə qanun layihəsini müsbət qiymətləndirirəm, amma ikinci oxunuşun tələblərinə uyğun olaraq öz təkliflərimi bildirmək istəyirəm. Birinci təklifim qanun layihəsinin adı ilə bağlıdır. Bunun adı “Dərman vasitələri haqqında” adlanır. Amma 1996-cı ildə, bilirik ki, “Əczaçılıq fəaliyyəti haqqında” Qanun qəbul olunmuşdur.. Bu qanun layihəsinin məzmunu ilə tanış olanda görürük ki, burada təkcə dərman vasitələri haqqında yox, eyni zamanda əczaçılıq fəaliyyəti haqqında da yeni müddəalar verilir. Ona görə mən hesab edirəm ki, qanun “Dərman vasitələri və əczaçılıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu adlanmalıdır.
1-ci maddə – “Əsas anlayışlar” üzrə. 1.0.1-ci bənddə “dərman vasitələri” anlayışı verilir. Burada deyilir: “xəstəliklərin diaqnostikası, profilaktikası, müalicəsi, hamiləliyin qarşısının alınması, xəstələrin reabilitasiyası, insan orqanizminin vəziyyətinin və fizioloji funksiyalarının dəyişdirilməsi üçün istifadə edilən…” Hesab edirəm ki, “dəyişdirilməsi üçün” sözləri “normallaşdırılması üçün” sözləri ilə əvəz edilsə, daha məqsədəmüvafiq olardı, çünki istənilən dərman vasitəsinin tətbiqinin məqsədi insanın fizioloji funksiyasının və ya orqanizminin dəyişdirilməsi yox, məhz normallaşdırılmasıdır. Həmin bəndin ikinci abzasında “xəstəliklərin diaqnostikası, profilaktikası və müalicəsi məqsədi ilə istifadə edilən tibb vasitələri” sözlərindən sonra mötərizədə “tibb cihazları, məmulatları, əşya və materialları…” və ilaxır sadalanır. Hesab edirəm ki, buraya mütləq “tibbi texnika və tibbi vasitələr” sözləri əlavə edilməlidir.
Növbəti 1.0.2-ci bənddə deyilir: “dərman maddələri (farmakoloji substansiyalar) – insan orqanizminin vəziyyətini və fizioloji funksiyalarını dəyişə bilən…” Hesab edirəm ki, “dəyişə bilən” sözləri birinci abzasa uyğun “normallaşdırıla bilən” sözləri ilə əvəz edilməlidir.
3-cü maddədə maddənin adı ilə bağlı mənim təklifim var. Maddənin adı belədir: “Dərman vasitələri ilə davranış sahəsində dövlətin əsas vəzifələri”. Burada Azərbaycan dilini gözəl bilən insanlar oturublar. Hesab edirəm ki, “dərman vasitələri ilə davranış sahəsində” sözləri Azərbaycan dilinin qrammatik qaydalarına uyğun deyil. Ona görə bu sözlər “əczaçılıq sahəsində dövlətin əsas vəzifələri” sözləri ilə əvəz olunsaydı daha məqsədəmüvafiq olardı.
Bundan əlavə, 15.2-ci maddədə deyilir: “Həkim resepti əsasında buraxılan dərman vasitələri və yalnız ixtisaslaşdırılmış tibb müəssisələrində tətbiq edilən tibb vasitələri haqqında informasiya tibb işçiləri və əczaçılar üçün nəzərdə tutulmuş ixtisaslaşmış nəşrlərdə yayımlana bilər. Dərman vasitələri haqqında informasiya monoqrafiya, arayış-sorğu kitabçaları...” və sair. Buraya, hesab edirəm, aşağıdakı sözlər əlavə olunmalıdır: “müvafiq elmi tədqiqatlar, monoqrafiya, kitab, arayış-sorğu kitabçaları” və sair.
16-cı maddədə dərman vasitələrinin reklamından bəhs edilir. Bir çox deputatların çıxışlarında səsləndi və mən də hesab edirəm ki, dərmanlar reklam olunmamalıdır. Biz görürük ki, dərman vasitələrinin reklamına qoyulmuş qadağalar 16.3, 16.4, 16.5, 16.6-cı maddələrdə öz əksini tapıb. Bunları diqqətlə oxuyanda görürük ki, bu maddələri həyata keçirmək, bu maddələrə riayət etmək qeyri-mümkündür. Ona görə ya bu maddələr layihədən çıxarılmalıdır, ya da biz,  ümumiyyətlə, dərman reklamından imtina etməliyik. Bu qədər. Mən qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli həmkarlarım! Bu qanun layihəsinin birinci oxunuşunda mən iştirak etməmişəm, amma ümumilikdə bu qanun layihəsini bəyənirəm və onun lehinə səs verəcəyəm. II və III fəsillərə aid mənim təkliflərim var. Əvvəlcə qeyd etmək istəyirəm ki, burada həmkarlarımın dərman vasitələrinin reklamına qadağa qoyulması haqda fikirləri səsləndi. Mən də hesab edirəm ki, dərman vasitələri bir əmtəədir, bazar iqtisadiyyatının hökm sürdüyü bir şəraitdə hansısa bir əmtəənin reklamını qadağan etmək olmaz. Bununla yanaşı, belə reklama çox ciddi tələblər qoyulmalıdır.
Mənim təkliflərimin birincisi dərman vasitələrinin reklamı ilə bağlıdır. Mən fikrimi əsaslandırmaq üçün həmkarlarımın diqqətinə bu ilin əvvəllərində Rusiyanın telekanallarında gedən dərman vasitələrinin reklamı ilə bağlı reklam roliklərini çatdırmaq istəyirəm. Yadınızdadırsa, dərman vasitələri ağ xalat geymiş insanlar tərəfindən reklam olunurdu və aşağıda da titrdə yazılar gedirdi: “tibb elmləri doktoru, professor, əməkdar həkim” və sair. Bu ilin mart ayında RTR kanalında bir jurnalist araşdırması getdi. Məlum oldu ki, reklam olunan dərman vasitələri nəinki insan orqanizmi üçün xeyirlidir, hətta onların tərkibində elə komponentlər var ki, insan orqanizmi üçün olduqca zərərlidir. Reklam edən insanların da bir çoxunun heç tibb sahəsi ilə əlaqəsi yoxdur. Mən bununla bağlı təklif edirəm, dərman vasitələrinin reklamından bəhs edən 16-cı maddəyə belə bir bənd yazılsın: “reklamın təsirini gücləndirmək məqsədi ilə tibb sahəsində fəxri adlardan, alimlik dərəcələrindən, tibbi geyim formalarından, tibbi avadanlıqlardan və atributlardan istifadə etməklə dərman vasitələrinin reklamına yol verilmir”.
Ümumiyyətlə, təklif edirəm ki, dərman vasitələrinin reklamı daha çox geniş informasiya verilməsi ilə bağlı bir prosedur olmalıdır. Daha doğrusu, dərman vasitələrinin istifadəsi ilə bağlı təlimatda göstərilən informasiyanın hüdudlarından kənar hansısa bir informasiyanın verilməsi, hesab edirəm ki, yolverilməzdir. Mənim digər təklifim bu qanun layihəsinin 11-ci maddəsi ilə bağlıdır. Orada istehsalçı haqqında, dərman vasitələrinin istifadə təlimatdan danışılır. 11.1.3-cü maddədə göstərilir ki, “dərman vasitələrinin istehsalçısının adı yazılmalıdır”. Mən hesab edirəm ki, təlimatlarda dərman vasitələrinin istehsalçısının tək adını yazmaq olduqca məhdud bir informasiyadır, orada nəinki istehsalçının adını, onun ünvanını, elektron poçt ünvanını, bütün rekvizitlərini yazmaq lazımdır. Dərman vasitələrinin istifadəsinə dair təlimatlarda dərman vasitələrini istehsal edən hüquqi şəxs haqqında müfəssəl məlumat olmalıdır.
Mənim 14-cü maddəyə aid də bir təklifim var. 14-cü maddədə aptek təşkilatlarında tibbi yardım göstərilməsindən bəhs edilir. Burada yazılır: “Aptek təşkilatlarında xəstə qəbul etmək qadağandır. Yalnız həyat üçün təhlükəli olan hallarda aptek təşkilatlarına gətirilən şəxslərə ilk tibbi yardım göstərilə bilər”. Mən təklif edirəm ki, bunun arxasınca belə bir cümlə yazaq: “Bu tibbi yardım göstəriləndən sonra ya tibbi briqada çağırılmalı, ya da xəstənin tibb müəssisəsinə göndərilməsi təmin edilməlidir”. Belə yazılsa, qanunun ümumi ruhuna əlavə kimi bir az da humanist çalarlar əlavə etmiş olarıq.
Burada həmkarlarımın fikirləri səsləndi ki, bu qanunun pozulmasına görə məsuliyyət hansı səviyyədə həll olunacaq? Hamı da narazılığını bildirdi ki, bu qanunun pozulmasına görə məsuliyyət onları qane etmir. Mən də onlarla həmfikirəm. Heç kim üçün sirr deyil ki, bu gün keyfiyyətsiz, saxta dərman vasitələri respublikamıza çoxdan ayaq açıb və böyük uğurla da satılır. Yenə də heç kim üçün sirr deyil ki, istifadə müddəti keçmiş dərman vasitələri apteklərdən yığılır, onların istifadə müddəti yenisi ilə əvəz olunur və bir daha satışa buraxılır. Amma bunlara görə bu gün heç bir məsuliyyət yoxdur. Bu gün qanunvericilikdə qəribə bir paradoks yaranıb. Məsələn, bizim Cinayət Məcəlləsində qanunsuz ov etməyə görə, qanunsuz 5-6 balıq tutmağa görə, qanunsuz 5-6 ağac kəsməyə görə, torpağa normadan artıq gübrə verib torpağı zəhərləməyə görə, – söhbət müvafiq olaraq 254, 256, 258, 259-cu maddələrdən gedir, – cinayət məsuliyyəti nəzərdə tutulur. Amma hamımız yaxşı bilirik ki, qanunla cəzalandırılan əməllər yalnız ictimai təhlükəlilik dərəcəsinə görə cinayət, ictimai xəta, yaxud intizam məsuliyyəti nəzərdə tutulan əməllərə bölünür. Həmkarlarım da mənimlə razılaşarlar ki, qanunsuz ov etmək, balıq tutmaq, 5-6 ağac kəsmək insanların, respublikanın əhalisinin sağlamlığını təhlükə altına ata biləcək bir fəaliyyətdən daha ağır əməl deyil. Ən azı ona görə ki, burada heç bir maddi dəyəri olmayan insan sağlamlığından, insan həyatından söhbət gedir. Mən buna görə təklif edirəm ki, saxta, keyfiyyətsiz dərman məhsullarının istehsalına, satışının təşkilinə, habelə istifadə müddəti keçmiş dərman məhsullarının satışının təşkilinə görə ən azı vəzifəli şəxslər üçün cinayət məsuliyyəti müəyyən olunmalıdır. Onun satışını bilavasitə həyata keçirən texniki işçilər üçün isə ən azı inzibati məsuliyyət müəyyən edə bilərik. Bəlkə də bugünkü qanun layihəsi ilə əlaqəsi yoxdur, Cinayət Məcəlləsinə bir maddə əlavə etməliyik. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun, Rafael müəllim. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun, cənab Sədr. Mən də hörmətli həmkarlarımın fikri ilə razıyam ki, qanun layihəsi üzərində kifayət qədər səmərəli, ciddi iş aparılıbdır, böyük zəhmət çəkilibdir. Onu da etiraf edirəm ki, belə bir qanunun qəbulu vacibdir, zəruridir. Şübhəsiz ki, bir qanun qəbul edərkən tək bu günü deyil, gələcəyi də nəzərə almalıyıq. Belə etməliyik ki, 2 ildən sonra həmin qanunu təkmilləşdirməyə ehtiyac duyulmasın. Ona görə də hörmətli həmkarımız Musa müəllimdən və işçi qrupundan xahişimiz ondan ibarətdir ki, deyilən və son dərəcə səmimi xarakter daşıyan bütün tənqidi qeydlər imkan daxilində ikinci oxunuşda nəzərə alınsın və üçüncü oxunuşa daha bitkin, təkmilləşdirilmiş qanun layihəsi çıxarılsın. Bu mənim ümumi fikirlərimdir.
Konkret olaraq ayrı-ayrı maddələrlə bağlı hörmətli Musa müəllimin diqqətinə bəzi məqamları çatdırmaq istərdim. 7.2-ci maddə ilə bağlı bəzi deputatlar da fikirlərini dedilər. Mən də onun üzərində başqa bir formada dayanmaq istəyirəm. Burada göstərilir ki, “Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin sertifikatlaşdırılmasına yol verilmir”. Bununla bağlı mən Musa müəllimə də sual verdim, cavab məni qane etmədi. Ən azı ona görə qane etmədi ki, o, bir mütəxəssis kimi mənə bu məsələdən çıxış yolunu izah etməli və başqa ölkələrdə həmin məsələnin necə həll olunduğunu deməli idi. Əgər doğrudan da, 7.2-ci maddə təbliğ olunursa, deməli, Azərbaycanda sertifikatlaşdırılmamış dərmanların kütləvi istehlakına imkan verilmir. Onda bəs necə olur? Sual vermək istəyirəm. Mən hörmətli Elsevər müəllimə də yanaşdım, o da bu sualın cavabını konkret deyə bilmədi. Bu gün ayrı-ayrı ölkələrdə dərman istehsal olunur və bütün təlimatlar da həmin ölkələrin istehsalçıları tərəfindən bir Azərbaycan dilindən başqa müxtəlif dillərdə hazırlanır. Həkimin təyinatını əsas götürsək həmin dərmanlardan istifadə olunur. Lakin, əslində, gətirəndən sonra Azərbaycanda bunun qeydiyyatı həyata keçirilir. Mən belə başa düşdüm. Olmazmı qanuna belə bir maddə əlavə olunsun ki, dünyada istehsal olunan və yeniləşən dərmanların adı və təyinatı üzrə Səhiyyə Nazirliyinin müvafiq icra hakimiyyətində bank yaradılsın və ölkəyə daxil olan dərman həmin bankdakı təlimatla, informasiya ilə tutuşdurulsun və ehtiyac olduqda ölkəyə buraxılsın, ehtiyac olmazsa buraxılmasın. Bəlkə belə bir maddə salınsın?
9.5-ci maddə. Mən başa düşə bilmirəm ki, nədən dərman vasitələrinin idxalını onların istehsalçısı, topdansatış əczaçılıq müəssisələri həyata keçirir, sonra da deyilir ki, eyni zamanda, elmi tədqiqat müəssisələri də dərman idxalı ilə məşğul ola bilərlər. Elmi tədqiqat müəssisələri məşğul olursa, onlara da vergi qoyulsun, yazılsın ki, elmi tədqiqat institutları da bu işlə məşğul ola bilərlər. Nəyə görə bu ayrılır? Ancaq mənə belə gəlir ki, elmi tədqiqat institutlarının dərmanların idxalı ilə məşğul olmasına ehtiyac yoxdur. Burada mən sizə 100 faiz təminat verirəm ki, subyektivizm bu və digər şəkildə özünü göstərəcəkdir.
16-cı maddə buradan çıxarılmalıdır. Dünyanın istənilən sivil ölkəsindən mənə nümunə gətirin ki, orada dərman vasitələri reklam olunur. Nələr reklam olunur? Diş pastaları, kremlər. Dərman vasitələri heç bir halda, heç bir şəkildə dünyanın sivil ölkələrində reklam olunmur. Ona görə də çox hörmətli millət vəkillərindən, sədarət, Sizdən xahiş edərdim ki, 16-cı, yəni dərmanın reklamı ilə bağlı maddə qanun layihəsindən çıxarılsın.
Bir sıra təkliflərim də var. İstəyirəm, bunlar da hansısa formada qanunda öz əksini tapsın. Bu gün burada deyildi. Hər həkimin özünün arxalanmış olduğu bir aptek var, onun da bir firması var. Gedirsən həkimə müraciət edirsən, həkim deyir ki, get dərmanı filan aptekdən al. Başqa aptekdən alırsan, onu qəbul etmir, xəstəyə ən müxtəlif təsirlər göstərir. Olmazmı respublikanın klinik xəstəxanasında olduğu kimi, dərmanlar xəstəxanaların özlərinə verilsin, həmin xəstəxanalara müraciət edən insanlar orada pulu ödəyib dərman alsınlar və məsuliyyəti də xəstəxana daşısın. Təbii ki, bunun üçün Səhiyyə Nazirliyi oraya xüsusi nəzarət etməlidir, lisenziya verməlidir və sair. Bu dərmanların ayrı-ayrı həkimlərin ixtiyarına verilməsi də çox ciddi fəsadlar törədir. Mən çox istərdim ki, verdiyim təklif qanunda öz əksini bu və ya digər formada tapsın.
Dərmanların satışı ilə bağlı istər topdansatış müəssisəsinin, istərsə də ayrı-ayrı apteklərin məsuliyyətinin artırılmasına tamamilə tərəfdaram. Bu qanun layihəsində inzibati məsuliyyət, hətta cərimə, cərimənin miqdarı da yoxdur. Bundan əvvəl baytarlıqla bağlı qanun layihəsi müzakirə olundu. Heyvanın xəstələnməsində günahı olanlar filan qədər cərimə olunurlar, amma insanın həyatı üçün təhlükə törədən dərmanları insana verən heç bir məsuliyyət daşımır, heç cərimə də olunmur. Mən çox xahiş edirəm ki, hörmətli Musa müəllim, bu müddəa sərt şəkildə ifadə olunsun və biz gələcəkdə Cinayət Məcəlləsinə də bununla bağlı maddə salaq. Beləliklə, bu fikirləri deyirəm və işçi qrupuna bu düzəlişləri etmək yolunda uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Fuad Muradov.
F. Muradov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli millət vəkilləri, mən də həmkarlarımla razıyam ki, bu qanun cəmiyyət üçün çox zəruridir və hər bir insanın, hər bir dövlət qurumunun, komissiya üzvünün zəhmətinə görə təşəkkürümü bildirirəm. Bir neçə məqamlara toxunmaq istəyirəm. Əslində, Azərbaycan indi inkişaf mərhələsindədir və bütün qanunlarımız sivil formada qəbul edilməlidir.
Biz yeni texnologiyalar dövründə yaşayırıq. İnformasiyanı düzgün əldə etmək çox düzgün bir məsələdir. Ona görə birinci təklifim ondan ibarətdir ki, bütün dərmanların məlumat bazası yaradılsın. Bu belə də problem bir məsələ deyil. Mən 7 Avropa və 5 Asiya ölkəsində təhlil apardım və gördüm ki, bütün ölkələrdə dərman aptekə daxil olan kimi kompüterə salınır, xüsusi məlumat bazası yaradılır və aptekin özü artıq onun haqqında təlimatı tərcümə də edir, oradakı məlumatı da geniş şəkildə yayır və artıq xəstə aptekə gələndə dərman haqqında bütün məlumatı İnternetdən ala bilir. Əgər bu yoxdursa, gəlib aptekdə həmin dərman haqqında məlumatı printerdə çap edib ala bilir.
İkinci, əczaxanaların şəbəkəyə qoşulması çox vacibdir. Misal üçün, Binəqədidə yerləşən aptekdə dərman olmadıqda şəbəkəyə baxa bilər ki, hansı aptekdə bu dərmanlar var, insanlar əziyyət çəkməsinlər, aptekləri bir-bir gəzməsinlər. Bütün dünyada bu praktika mövcuddur. Bu belə bir problemli məsələ də deyil. Mən təxminən hesablamışam və hesab edirəm ki, hər bir aptek bu sistemi tətbiq edə bilər.
Reklamla bağlı məsələ ilə mən də razıyam. Mən də bir neçə ölkələrdə baxdım. Hətta bəzi Asiya ölkələrində belə bir təcrübə də var ki, hansısa bir dərmanı reklam etmək istəyən şirkət mütləq bir sosial reklam da verməlidir. Həmin şirkət boynuna götürür ki, mən dərmanı bir ay ərzində reklam edəcəyəm və bir ay ərzində cəmiyyəti narahat edən sosial reklamın da verilməsini öz boynuma götürüb həmin vəsaiti kommersiya telekanalına ödəyəcəyəm. Bununla da bərabər, mən razıyam ki, dərman reklamı ciddi nəzarətə götürülməlidir. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcə bütün çıxış edən millət vəkillərinə komissiyanın üzvü kimi dərin minnətdarlığımı bildirmək istəyirəm. Bu qanunun ölkəmiz, xalqımız üçün nə qədər vacib qanun olduğunu xüsusi qeyd etdilər. Əlavə olaraq bildirmək istəyirəm ki, burada bizim Səhiyyə Nazirliyindən qonaqlar da iştirak edirlər. Hörmətli Elsevər müəllimin iştirakı ilə işçi qrupu qanun layihəsinin bu hala gətirilib çıxarılmasına, təkmilləşdirilməsinə çox kömək ediblər və komissiya çox böyük əziyyət çəkib. Nəticədə bu gün bizim Milli Məclisin müzakirəsinə ən yaxşı və vacib qanunlarımızdan birinin layihəsi çıxarılıb. Mən qabaqcadan qeyd etmək istəyirəm ki, bir sıra məsələlərdə biz sahə qanunlarının qarşısına çox tələblər qoyuruq və bu tələblər yerinə yetirilməyə bilər. Həmin məsələləri burada əhatə etmək mümkün deyil.
İki sahəni xüsusi qeyd etmək istəyirəm. Biri bu qanun layihəsi ilə bağlı dərman vasitələri, bir də xaricdən idxal olunan ərzaq məhsulları haqqındadır. Bu sahədə qanunlarımız o qədər mükəmməl olmalıdır ki, xalqımızın sağlamlığı təmin edilsin. Başqa qanunlardan fərqli olaraq burada məsuliyyət artırılmalıdır, hüquq mühafizə sisteminə xeyli yollar qoyulmalıdır ki, bu qanunların icrası təmin olunsun. Yəni dövlət müdaxiləsinə ciddi maddələrlə əsas yaradılmalıdır. Bu qanunu biz nə qədər təkmilləşdirsək də, sahə qanunu olaraq biz məqsədimizə çata bilməyəcəyik. Biz bütün qanunların axırında yazırıq ki, bu qanunla müəyyən olunmuş qaydada cəzalandırılır. Məsuliyyət məsələsini konkretləşdirmək lazımdır.
Oqtay müəllim, mən Sizə müraciət eləmək istəyirəm, bu sahədə dövlətin müdaxiləsinə çox böyük ehtiyac var. Qanunla bunun qarşısını almaq mümkün deyil. Biz bunu müzakirələrdə də demişik. Bizi əsasən narahat edən hansılardır? Əlbəttə, biz indi alverə “biznes” deyirik, gözəl səslənir. Amma dərman alveri Azərbaycanın ciddi bəlalarından biridir. Azərbaycana gətirilən dərmanların keyfiyyətinə ciddi surətdə nəzarət edilməlidir. Keyfiyyətə nəzarət sərhəddən başlayır. Bunu Səhiyyə Nazirliyi və yaxud müvafiq mütəxəssislər necə həyata keçirə bilərlər? Xaricdən gətirilən dərman vasitələrinin, yeri gəlmişkən, ərzaq məhsullarının üzərinə xüsusi nəzarət qoyulmalıdır. Bu, xalqın olum-ölüm məsələsidir. Bu, məsələnin bir tərəfidir. Bunları sahə qanunu ilə tənzimləmək qeyri-mümkündür. Buna görə də təklif edirəm ki, bu cür qanunlar bizim hüquqşünasların əlindən keçsin, lazım gələrsə, buraya xüsusi maddələr əlavə edilsin ki, məsuliyyət bir qədər artırılsın.
İkinci diqqəti çəkən məsələ ondan ibarətdir ki, ölkəmizdə yoxsulluğu aradan qaldırmaqdan ötrü Prezidentin xüsusi proqramları ilə böyük tədbirlər həyata keçirilir. Faktdır ki, bu məsələ hələ xeyli vaxt aparacaq. Amma dərmanların qiymətləri baş götürüb gedir. Kasıb, xəstəliyə düçar olanlar bu dərmanları ala biləcəklərmi? Bu baxımdan qiymətə nəzarət məsələsi bizi çox düşündürür. Mənə elə gəlir ki, burada da hüquq mühafizə sistemi vaxtaşırı yoxlamalar keçirməlidir. Xaricdən gətirilmiş dərman birbaşa lisenziya almış apteklərə gedir və camaata satılır. Bunu yoxsul camaatın almaq imkanı yoxdur. Dərmanların qiymətinə nəzarət olmalıdır. Xaricdən gətirilən dərman niyə od qiymətinədir? Xaricdən gətirilən dərman burada 5-10 qat bahasına satılır. Bu ciddi məsələdir. Özü də Azərbaycanda ən varlı təbəqə dərman alverçiləridirlər. Bununla dövlət səviyyəsində maraqlanılmalıdır. Ona görə də, hörmətli Oqtay müəllim, mən birbaşa Sizə müraciət edirəm.
Sonra, vaxtı keçmiş, zəhərli, radiasiyaya uğrayan dərmanların Azərbaycanda satılmaq təhlükəsi var. Biz bunu bilirik, bu işlərə bundan sonra da nəzarət olunmalıdır. Səhiyyə Nazirliyi buna necə nəzarət eləyə bilər? Bu məsələyə diqqət artırılmalıdır.
Mən bir sıra məsələləri müzakirə zamanı demişəm, burada da səsləndirmək istəyirəm. Bunlardan biri də bir sıra həkimlərin dərman alverçiləri ilə əlaqəsidir. Yeri gəldi-gəlmədi, bahalı dərmanları, bəlkə də xəstəlik üçün onuncu dərəcəli əhəmiyyəti olan dərmanın reseptini yazıb verirlər, xəstə gedib onu tapmalıdır. Bunu necə aradan qaldırmaq lazımdır? Dərman alverçiləri ilə həkimlərin arasındakı bu əlaqəni aradan qaldırmaq üçün nə edə bilərik? Bunun üçün məsələyə hüquq mühafizə sisteminin qarışması lazımdır. Mən bunu Elsevər müəllimə də dedim. Məsuliyyəti artırmaqdan ötrü vaxtaşırı baxışlar, monitorinq keçirilməsi üçün nüfuzlu bir komissiya yaradılmalıdır. Həkimlərin, hüquq mühafizə sistemi işçilərinin iştirakı ilə komissiya bu məsələlərə baxmalıdır.
Burada bir məsələ qaldırmışdıq. Təşəkkür edirəm, Musa müəllim həmin məsələ ilə bağlı düzəliş eləyib. Dil məsələsi xüsusi bir məsələdir. Bayaq dedim, hüquq mühafizə sistemi ilə əlaqədar hüquqşünaslarımızın bu cür qanunlara baxmasına xüsusi ehtiyac var. Eyni zamanda dilçilərin də bütün qanunlara baxmasına böyük ehtiyac var. Çox qanunlarımızda bu məsələlər öz əksini tapmır. Burada yaxşı ki, Azərbaycan dili ilə əlaqədar maddə əlavə olunub. Bu təlimatlar Azərbaycan dilində olmalıdır, amma Musa müəllim, Sizə müraciət edirəm, elə formada yazılıb ki, fikri tutmaq mümkün deyil. 11-ci maddədə deyilir: “Azərbaycan Respublikasında istehsal olunan və ya ölkəyə idxal edilən dərman vasitələrinin istifadəsi təlimatları Azərbaycan dilində aşağıdakı məlumatları əks etdirməlidir”. Mötərizədə isə yazılır: “başqa dillərdə olması da istisna edilmir”. Birbaşa kəskin yazmaq lazımdır ki, Azərbaycan dilində olmalıdır, qoy dərmanlar haqqında təlimatlar xalqımıza Azərbaycan dilində çatdırılsın. Dərman biznesi ilə məşğul olanların öhdəsinə qoyulmalıdır ki, dərmanların təlimatı Azərbaycan dilində olmasa, satışa buraxılmasın. Bunu təmin eləmək lazımdır.
Ən nəhayət, mən qanun layihəsinə dərman istehsalı ilə bağlı əlavələr edilməsini istərdim və bu da Azərbaycanda dərman istehsalına başlanması üçün stimul yaratsın. Mən bu günlərdə Naxçıvanda elmi ezamiyyətdə idim. Naxçıvan bölməsinin rəhbəri akademik İsmayıl Hacıyev də buradadır. Ordubadda dərman bitkiləri ilə əlaqədar bir laboratoriya var. Sınıq-salxaq, sökük bir binada yerləşir. Bu sökük binada olarkən gördüm ki, Naxçıvan ərazisində olan qiymətli bitkilərin hamısını iki-üç adam yığıb gətirir, qurudur. İnandırım sizi, sabah orada dərman istehsalına başlansa, Azərbaycanı çox sahələrdə təmin eləmək mümkün olar. Amma nə Milli Məclis Sədrinin, nə Milli Elmlər Akademiyası rəhbərliyinin buraya vəsait vermək imkanı yoxdur və Azərbaycan kimi dərman bitkiləri ilə zəngin ikinci ölkə yoxdur. Niyə bu işə başlamayaq? Qanunda buna yol açılmalıdır, stimul yaradılmalıdır, həvəsləndirilməlidir, güzəştlər vəd edilməlidir və sair. Bu məsələ ciddi əhəmiyyət kəsb edir. Bununla əlaqədar Səhiyyə Nazirliyinə təklif edərdim ki, bunu hörmətli Prezidentimizə çatdırsınlar. Məmnuniyyətlə bunu qəbul eləyər. Dərman istehsalı ilə bağlı dövlət proqramı hazırlamaq lazımdır. Dövlət proqramı ilə bir çox məsələləri nizama salmaq mümkündür. Hörmətli Oqtay müəllim, Sizə bir də müraciət edirəm, dövlət xətti ilə buraya müdaxilə lazımdır. Əgər olmasa, idxal olunan keyfiyyətsiz dərman vasitələri xalqımızı fəlakətə aparacaq. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Yaqub müəllim, Siz komissiya üzvüsünüz, Musa müəllim də buradadır. Hesab edirəm ki, səhiyyə ilə bağlı qanun olsa da, buna Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyası ilə bir yerdə baxılmalı idi. Güman edirəm ki, üçüncü oxunuşda bunu nəzərə alarsınız. Bir çox millət vəkilləri çıxışlarında dedilər ki, həkimlərlə əczaçıların əlaqəsi tənzimlənməlidir. Səhiyyə Nazirliyi də bu barədə fikirləşməlidir. Nizami Cəfərov, buyurun.
N. Cəfərov. Çox sağ olun, Oqtay müəllim. Mən bir-iki cümlə deyəcəyəm. Əvvəla, qanun layihəsinin adı ilə bağlı deyim ki, əgər qanun, sadəcə, dərmanlardan istifadə ilə bağlıdırsa, bu adı saxlamaq olar. Həqiqətən, bu qanun layihəsində daha çox anlayışlardan söhbət gedir. Elə bil ki, hazır dərman var və sadəcə, bu qanun ondan istifadə edilməsi məsələlərini tənzimləməlidir. Amma yaxşı olardı ki, burada üç parametr nəzərə alınsın. Birinci, dərmanların istehsalından, xüsusilə yerli, yəni respublikada istehsalından söhbət gedə bilər. Biz Almaniyada istehsal olunan dərman barədə qanun çıxara bilmərik. Yaxşı olar ki, sonra da idxalı və istehlakı nəzərə alınsın. Bu üç parametr nəzərə alınmalıdır.
Sonra, biz dərman reklamı ilə bağlı maddəni çıxaracağıqsa, mənim sözümə ehtiyac olmur. Çıxarmayacağıqsa, deyim ki, dərmanın səmərəliliyi, təhlükəsizliyi eyni keyfiyyətdə yox, eyni tipdə olan dərmanla müqayisədə müəyyənləşdirilir. Sonra da reklamla bağlı 16-cı maddədə deyilir ki, dərman dərmanla müqayisə oluna bilməz. Bəs onda dərmanın keyfiyyəti, üstünlüyü nə cür ortaya çıxa bilər? Bu ziddiyyət aradan götürülməlidir. Mən çox istərdim ki, ölkəmizdə dərman istehsal olunsun. Bayaq da deyildi, genetik məsələlər var. Yerli bitkidən, materialdan, maddələrdən hazırlanan dərman həmin yerdəki əhalinin fiziologiyasına uyğundur. Bununla bağlı yerli istehsalı maraqlandırmaq, həvəsləndirməkdən ötrü müəyyən səlahiyyətlər verən maddələr və ya ayrıca bir fəsil olmalıdır. Bu gün sirr deyil ki, Azərbaycanda xalq təbabəti ilə bağlı heç bir şey deyilmir. Xalq təbabəti dərmanlar hazırlayır. Bunlardan camaat istifadə eləyir. Buna münasibət bildirilməlidir. Bu dərmanlardan istifadə qadağandırmı, qadağan deyilmi? Nə səviyyədədir, hansı səviyyədə imkanlar yaratmaq lazımdır? Xalq təbabətinin istifadə elədiyi dərmanlar çox böyük faiz təşkil eləyir, buna fikir vermək lazımdır.
Son olaraq dil məsələsinə toxunmaq istəyirəm. Gəlin açıq danışaq. Biz dil məsələsini digər qanunlarla da bağlı qaldırmışıq. Artıq həmin qanunlar qəbul edilib və bu qanunlara bizim icra orqanlarımız əməl etməlidirlər. Hər bir rayon icra başçısının müavini bu iş üçün, yəni Azərbaycan dilinin istifadəsi üçün məsuldur. Bu günlərdə Azərbaycan Dövlət Televiziyası “Xəbərlər” verlişində çox yaxşı bir süjet göstərdi. Bir mağazaya girirsən, satılan uşaq yeməklərindən tutmuş digər ərzaqlara qədər heç bir məhsulun üzərində azərbaycanca bir kəlmə yoxdur. Elə olmaz axı. Biz bu qanunları niyə qəbul eləmişik? Əgər bu qanunun da taleyi “Dövlət dili haqqında” Qanunun taleyi ilə eyni olacaqsa, heç bunu da qəbul etməyək. Yəni icra orqanları bu işləri görməyə məcburdurlar. Bu qanundur. Mən həmişə demişəm, məsələn, cinayətlə bağlı qanunlarımız dərhal yerinə yetirilir, insanların taleyi, mədəniyyətlə, incəsənətlə bağlı qanunlara fikir verən yoxdur. Ona görə də bir mexanizm olmalıdır.
Sonda demək istəyirəm ki, vətəndaşlarımız tam şəkildə həkimdən asılı vəziyyətə salınmamalıdırlar. İndiki dövrdə insanlar özləri özlərinin həkimidirlər. Çox zaman bunu həkimlər də deyirlər. Dərmanlarla əlaqədar məsələlərdə informasiya normal verilməlidir. İndi hamı savadlıdır. Maarifləndirmə işini də gücləndirmək lazımdır. Həkimlər üzərində də, elə bilirəm, nəzarəti gücləndirmək lazımdır. Bizim xalqın mentalitetidir, həkimi çox sevirik, həkimdən çəkinirik. Həkim nə deyir, biz ona qulaq asırıq. Amma həkimin heç bir məsuliyyəti yoxdur. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hikmət Atayev, buyurun.
H. Atayev. Mən yalnız dərmanların idxalı ilə əlaqədar fikrimi bildirmək istəyirəm. Fikrimcə, dərman vasitələrinin idxalı ilə bir və ya uzaq başı bir neçə təşkilat məşğul olmalıdır. Dərman vasitələrinin idxalı inhisar şəklində həyata keçirilirsə, bu gün burada müzakirə olunan bir çox problemlərə, həqiqətən, real nəzarət eləmək mümkün olacaqdır. Müzakirə olunan məsələ çox ciddi olduğuna görə, fikrimcə, bu gün respublikada mövcud dərman bazarının tənzimlənməsi problemini qoymaq düzgün olmazdı. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, çox səmərəli təkliflər verildi. Həqiqətən, hesab edirəm ki, bu qanun layihəsi üzərində çox işləyiblər, çox çalışıblar. Qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən Sosial siyasət daimi komissiyası ilə yanaşı, xahiş edərdim ki, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında da baxılsın. İndi etiraz eləmirsinizsə, komissiya sədrinin müavininə, bir də səhiyyə nazirinin müavini Elsevər Ağayevə söz verək, bəzi sualları cavablandırsınlar. Sonra layihəni fəsil-fəsil səsə qoyacağıq. Musa Quliyev, buyurun.
M. Quliyev. Burada qanun layihəsi ilə bağlı 15 deputat çıxış etdi. Mən onlara minnətdarlığımı bildirirəm. Vaxtın azlığından ayrı-ayrı çıxışlara toxunmayacağam. Yalnız qaldırılan suallara cavab vermək istəyirəm. Burada bir çox çıxışlarda səsləndi ki, daxili istehsalın stimullaşdırılması məsələsi qanunvericilikdə öz əksini tapsın. Bildirmək istəyirəm ki, 3-cü maddənin 1.5-ci və 1.6-cı bəndlərində bu məsələ öz əksini tapıbdır. Ehtiyac yaranarsa, bu məsələyə aid əlavə bəndlər və ya xüsusi maddə tərtib etmək olar.
Xüsusi vurğulanan və bir çox deputatların çıxışlarında səslənən məsələ elmi tədqiqat institutlarının dərman idxalı ilə məşğul olmasına icazə verilməsi məsələsidir. Elmi tədqiqat institutlarının dərman idxalı ilə məşğul olmasına ehtiyac yoxdur. Aydınlıq gətirmək istəyirəm ki, elmi tədqiqat institutları yalnız qeydiyyatdan keçməmiş və lisenziyası olmayan dərman idxalı ilə məşğul olacaqlar, onlar çox az miqdarda dərman vasitələrini ancaq elmi tədqiqat məqsədi ilə gətirəcəklər. Burada satış məqsədi ilə geniş partiyalarla dərman gətirilməsindən söhbət getmir. Yalnız həmin dərmanların öyrənilməsi və gələcəkdə Azərbaycanda tətbiqindən söhbət gedir. Burada yeni dərmanlardan söhbət gedir.
Reklamın qadağan olunması məsələsi qaldırıldı. Açığını deyim ki, mən də bu məsələyə tərəfdaram və 2-3 il öncə bu məsələni mən parlamentdə məsələ qaldırmışam ki, reklama qadağa qoyulsun. Ancaq biz bu qanun layihəsi üzərində işləyərkən altı dövlətin qanunundan istifadə etmişik və onların hamısında da dərman vasitələrinin bu və ya digər şəkildə reklamı vardır. Reklam haqqında da qanun var. Yenə də oturub müzakirə edə bilərik. Dərman reklamının qadağan olunması bizə nə qədər xeyir gətirəcək, nə qədər zərər? Bunları yenə müzakirə edə bilərik.
Burada dərmandan istifadə təlimatının Azərbaycan dilində verilməsi məsələsi qaldırıldı. Bəli, bu məsələ 11-ci maddədə nəzərdə tutulur. Azərbaycan dilində verilməsini vurğulamışıq. Hörmətli Yaqub müəllim həmin fikri daha da dəqiqləşdirdi. Yaqub müəllimin verdiyi təklifi, hesab edirəm ki, qanun layihəsini üçüncü oxunuşa hazırlayarkən müzakirəyə çıxararıq.
Azərbaycanda dərman vasitələrinin qeydiyyata alınması məsələsi hörmətli Fəzail müəllimin çıxışında da səsləndi. Bu da çox ciddi məsələdir və çox ciddi problemdir. Bütün dünyada belədir, dərman vasitəsi yalnız həmin dövlətdə qeydiyyata alındıqdan sonra satışa buraxıla, idxal oluna, yaxud da istehsal edilə bilər. Əgər hər hansı bir dövlətdə istehsal olunan və ölkəmizdə təcrübədən keçirilməmiş, onun zərərli və ya yaxşı, səmərəli təsirini öyrənmədən kütləvi sürətdə vətəndaşların ixtiyarına verilsə, ağır nəticələrə səbəb ola bilər. Bunun da məsuliyyəti böyükdür. Çıxışların birində çox haqlı olaraq bioloji terrorizm, dərman terrorizmi haqqında fikir səsləndi. Bunu da nəzərə almalıyıq.
Dərman informasiya bazasının yaradılması barədə bir neçə təklif səsləndi. Çox qiymətli də təkliflərdir. Belə bir bazanın yaradılması haqqında müddəa, lazım gələrsə, qanun layihəsində nəzərə alarıq. Belə bir informasiya bazasının yaradılması Azərbaycanda işin yaxşılaşdırılmasına xidmət edəcəkdir.
Çıxış edən bütün deputatlar bu qanunun pozulmasına görə cərimələrin məbləğlərinin artırılmasını, cinayət məsuliyyətinin müəyyən edilməsi məsələsini qaldırdılar. Deyilən fikirlərlə tamamilə şərikəm ki, burada müəyyən boşluğa yol vermişik. Cinayət Məcəlləsində bu məsuliyyət öz əksini tapdığından burada biz həmin məsələlərə çox ciddi fikir verməmişik. Bu məsələyə qayıtmaq və bunu konkretləşdirmək, cərimələrin məbləğini də göstərmək olar. Cinayət Məcəlləsinə əlavə də etmək olar.
Hörmətli Valeh müəllimin qaldırdığı məsələ ilə bağlı. Valeh müəllim, etiraz etmirsinizsə, mən sonra sizin yanınıza gələrdim, dövlətin əsas vəzifələri ilə bağlı qaldırdığınız məsələləri birgə müzakirə edərdik. Amma hesab edirəm ki, belə sahə qanunlarında dövlət öz üzərinə konkret vəzifə götürməlidir. Əhalinin keyfiyyətli dərman vasitələri ilə təmin olunmasına dövlət zəmanəti olmalıdır. Bu baxımdan həmin məsələləri yazmışıq. Hansı sahələrdə boşluq varsa, biz bunları sonradan aradan qaldırarıq. Hamınıza diqqətinizə görə təşəkkür edirəm. Həmkarlarımdan bir daha xahiş edirəm, bu qanun layihəsinə səs versinlər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Elsevər Ağayev.
E. Ağayev, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.
Çox hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Yəqin ki, mənə verilən vaxt sizə təşəkkür etməyə yetəcək. Mən ilk növbədə, Oqtay müəllim, Sizə, Sosial siyasət daimi komissiyasının rəhbərliyinə, şəxsən Musa müəllimə, Hadi müəllimə təşəkkürümü bildirmək istəyirəm. Bu qanun layihəsinin işlənib hazırlanmasında Milli Məclisin Sosial qanunvericilik şöbəsi, Ədilə xanım və onun işçiləri də yaxından kömək eləyiblər.
Bu gün qanun layihəsi ikinci oxunuşda Milli Məclisin müzakirəsinə çıxarılıbdır. Burada haqlı və haqsız iradlar oldu. Söz yox ki, hazırlanmış qanun layihəsi ilə əlaqədar komissiyanın iclasında qaldırılan məsələlər bir də müzakirə olunacaqdır. Millət vəkillərindən biri klinik xəstəxanalarda özəl apteklərin bağlanması ilə əlaqədar çox həyəcanlı çıxış etdi. Ancaq mənə elə gəlir ki, bunun heç bir əsası yoxdur. Xəstəxana aptekləri bağlanmayıbdır. Xəstəxanaların ərazilərində fəaliyyət göstərən qanunsuz və yaxud dövlət sahəsində yerləşən əczaxanalar bağlanılıbdır. Bu da qanuna zidd hərəkət deyil və islahatlarla əlaqələndirilməsi, mənə elə gəlir, yersizdir.
Burada qaldırılan məsələlər, dərmanların təlimatlarının Azərbaycan dilində yazılması da qanunda öz əksini tapıbdır. Bütün millət vəkillərini, Azərbaycan xalqını narahat edən məsələlərdən biri bu gün saxta dərmanların bütün dünyada əczaçılıq bazarında özünə yer almasıdır. Bununla əlaqədar da qanun layihəsində müvafiq düzəlişlər nəzərdə tutulubdur. Səhiyyə Nazirliyi də Milli Məclisin üzvləri kimi Cinayət Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə müvafiq əlavələrin, düzəlişlərin edilməsini məqsədəuyğun hesab edir.
Reklam ilə əlaqədar məsələlər çox müzakirə olundu. Reklam olunan dərman preparatları həkim resepti ilə buraxılmayan, ancaq həkim icazəsi olmadan buraxılan dərman preparatlarına şamil olunur. Bu da qanunda öz əksini tapıbdır.
Bir məsələni də vurğulayım. Dövlət apteklərinin və depolarının, topdansatış müəssisələrinin lisenziyadan azad olunması haqqında da qanun layihəsinə düzəliş edilməsi məsələsi müzakirə olundu. Bilirsiniz ki, 1998-ci ildən cənab Prezidentin sərəncamı ilə dövlət aptekləri özəlləşdirilməyə buraxılıb. Bu gün də həmin apteklərin 400-ə qədəri özəlləşdirilməmiş qalır. Onların əmlakı dövlət əmlakıdır. Digər apteklərdə isə istifadə olunan əşyalar onların şəxsi əmlaklarıdır.
Dərman depolarına gəldikdə isə, mənə elə gəlir ki, onların lisenziyalardan kənar qalması qanunvericiliyimizə ziddir.
Mən bir daha sizin vaxtınızı çox almadan bütün millət vəkillərinə, Milli Məclisə bu qanun layihəsinin belə geniş müzakirəsi üçün təşəkkürümüzü bildirirəm. Bu gün iki saatlıq müzakirədə on yeddi millət vəkilinin məsələ ilə əlaqədar çıxış etməsi, doğrudan da, problemin aktuallığını, qanunun nə qədər vacib olmasını təsdiq edir. Hamınıza öz təşəkkürümü bildirirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsini fəsil-fəsil səsə qoyaq. Qanunun adı və I fəsil – “Əsas anlayışlar”. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.05 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. II fəsil. “Dərman vasitələri ilə davranışın dövlət tənzimlənməsi”. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.05 dəq.)
Lehinə 85
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. III fəsil – “Dərman vasitələri haqqında informasiyaların yayımlanması”.

Səsvermənin nəticələri (saat 18.06 dəq.)
Lehinə 84
Əleyhinə 2
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Çox sağ olun, qəbul edildi.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Fəzail müəllim, bu ikinci oxunuşdur. Siz təklif etdiniz, biz də tapşırıq verdik ki, komissiya bu təklif üzərində işləsin. İndi bunu ayrıca qeyd etmək lazım deyil. Üçüncü oxunuşa qədər biz bu məsələləri müzakirə edəcəyik. IV fəsil – “Yekun müddəaları”. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 18.07 dəq.)
Lehinə 88
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Çox sağ olun. Qəbul edildi. İndi qanun layihəsini bütövlükdə səsə qoyuruq. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 18.08 dəq.)
Lehinə 81
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 82
Yetərsay yoxdur

Yetərsay yoxdur. Kim səs vermədi?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Onda, xahiş edirəm, bir də səs verək.
Səsvermənin nəticələri (saat 18.09 dəq.)
Lehinə 91
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 92
Nəticə: qəbul edildi

Çox sağ olun. Hörmətli millət vəkilləri, güman edirəm ki, komissiya verilən bu təklifləri nəzərə alacaq. Üçüncü oxunuşda qanun layihəsini daha da təkmilləşdirilmiş şəkildə qəbul edəcəyik. Çox sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi