2006-ci il 8 dekabr tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
IV  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  33

Milli  Məclisin  iclas  salonu.
8  dekabr  2006-cı  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir
 

İclasda Milli Məclisin 91 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Ə. Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Ə. Vəliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
D. İbrahimova, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin İqtisadiyyat şöbəsinin müdiri.
N. İsmayılzadə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin sektor müdiri.
A. Nemətov, Azərbaycan Teatr Xadimləri İttifaqının sədri.
A. Pənahova, Bakı Bələdiyyə Teatrının direktoru.
M. Əlizadə, Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin professoru.
Ş. Nəsirov, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin Hüquq sektorunun baş məsləhətçisi.
* * *

İ. Fətizadə, Azərbaycan Respublikası maliyyə nazirinin birinci müavini.
A. Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
İ. Rəhimov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.
T. Babayeva, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin şöbə müdiri.
Ş. Quliyev, Azərbaycan Respublikası Maliyyə Nazirliyinin şöbə müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə.
2. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).
3. Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamənin layihəsi barədə (ikinci oxunuş).
4. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında.
5. Daxili audit haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

İclasda qəbul edilmişdir:

1. “Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.
2. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).
3. “Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu.

* * *

Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında Azərbaycan Respublikası qanunu layihəsinin müzakirəsinə başlanmışdır.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                 O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

8  dekabr  2006-cı  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Qeydiyyatdan keçin, xahiş edirəm.

Qeydiyyat (saat 12.03 dəq.)
İştirak edir 89
Yetərsay 83

Çox sağ olun. Yetərsay var. İclasa başlaya bilərik. Hörmətli millət vəkilləri, əgər yadınızdadırsa, keçən ilin dekabr ayında millət vəkilləri tərəfindən təkliflər olmuşdu ki, Əmək Məcəlləsinə bayramlarla əlaqədar dəyişikliklər edilsin. Ona görə belə bir təklif olub ki, gündəliyə Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələ salaq. Etiraz yoxdur? Onda səsə qoyaq. Kim Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə məsələnin gündəliyə daxil edilməsinə tərəfdardır, səs versin.

Səsvermənin nəticələri (saat 12.04 dəq.)
Lehinə 83
Əleyhinə 7
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi barədə. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli, Milli Məclisin Sosial siyasət daimi komissiyasının sədri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! Biz bir neçə gün bundan öncə Milli Məclisdə ölkəmizin ali maliyyə qanununu təsdiq etdik, əhalinin sosial müdafiəsinin gücləndirilməsi üçün uğurlu addımlar atdıq. Sosial müdafiənin gücləndirilməsi ilə bərabər, ölkəmizdə milli-mənəvi dəyərlərə hörmət həmişə prioritet olmuşdur. Bu sahədə Prezidentimizin atdığı uğurlu addımlar bizim üçün nümunədir. Milli Məclisin Sosial siyasət və Hüquq siyasəti daimi komissiyaları sizə paylanmış qanun layihəsini geniş və ətraflı müzakirə edərək o qənaətə gəlmişlər ki, burada başlıca məqsəd milli-mənəvi dəyərlərlə bağlı olan bayramların daha uzun müddət ərzində qeyd olunmasına şərait yaratmaqdır. Bu addımın atılmasında həm bizim büdcənin maliyyə imkanları, həm də dünya təcrübəsi nəzərə alınıb.
Bu gün Azərbaycanda 13 bayram mövcuddur. Bu bayramları sadalayıb vaxtınızı almaq istəmirəm. Biz bu bayramlardan üçünün müddətini artırmışıq. Bu qanun layihəsinə görə, Novruz bayramının 5 gün, Qurban və Ramazan bayramlarından hər birinin 2 gün qeyd edilməsi nəzərdə tutulur. Bu bayramlar, məsələn, Türkiyədə 5 gün, bəzi islam ölkələrində daha uzun müddət qeyd olunur. Biz hesab etdik ki, bugünkü vəziyyətdə 2 gün müddəti ilə kifayətlənmək olar. Gələcəkdə ola bilər, maliyyə imkanları artdıqca biz bu müddətləri artıraq.
Yenə dünya təcrübəsi əsas götürülərək bizdə də bayramların iş günü hesab olunan və iş günü hesab olunmayan bayramlar kimi qeyd edilməsi nəzərdə tutulub. Biz üç bayramı iş günü hesab olunan bayram kimi müəyyənləşdirdik və bu bayramların əvvəllər iş günü hesab olunmayan günləri o biri bayramların günlərinə əlavə olundu. Bayramların ümumi sayı 13-dür. 10 bayram iş günü hesab olunmayan bayramlardır.
Mən bir sıra ölkələrin bayramları haqqında qanunlarla tanış oldum. Məsələn, Türkiyə, Finlandiya, Macarıstan, Bolqarıstan, Litva, Qazaxıstan, Almaniya, Rumıniya və İtaliyada Konstitusiya günü təqvimdə bayram günü kimi qeyd olunsa da, iş günüdür. Milli Dirçəliş günü də ölkələrin əksəriyyətində təqvimdə bayram günü kimi göstərilir, amma iş günü hesab olunur. Müstəqillik günü də Türkiyədə, İspaniyada, İngiltərədə, İtaliyada, Fransada təqvimdə bayram günü kimi göstərilir, amma iş günü qeyd olunur. Amerikada, digər xristian ölkələrində Milad bayramı bir həftə bu tərəfdən, bir həftə o tərəfdən 14 gün, Rusiyada 7 gün qeyd olunur. Məqsəd ondan ibarətdir ki, bu müddət ərzində insanlar öz sağlamlığını bərpa etsinlər və daha səmərəli istirahət edə bilsinlər. Biz də bu addımı məhz bu məqsədlə atmışıq.
Bu qanun layihəsi ilə bağlı daha bir fikri sizin diqqətinizə çatdırmaq istərdim. Keçən il biz burada bayram günü ilə istirahət günü üst-üstə düşərsə, həmin günlərin əvəz olunması məsələsini həll etdik və bu, əhali tərəfindən razılıq hissi ilə qarşılandı. Bu dəfə isə bir presedent yaranıbdır – dekabrın 31-ində Qurban bayramı, bizim həmrəylik bayramımız və istirahət günü üst-üstə düşür. Sizə təqdim olunmuş qanun layihəsində biz bu halı da ehtiva etmişik. Yəni bu qanuna görə, belə olan təqdirdə bütün günlər ardıcıl olaraq keçirilir. Yanvarın 1-i və 2-si də bayram günüdür. Beləliklə, bayram günləri dekabrın 31-dən yanvarın 6-sına kimi ardıcıl olaraq davam edir ki, bu da adamlarımızın istirahəti üçün yaxşı şərait yaradır. Amma qəribədir ki, son vaxtlar mətbuatda gedən bəzi yazılarda bundan da spekulyativ məqsədlərlə istifadə etmək istəyi hiss olunur. Bir daha qeyd eləyim ki, hər iki komissiyanın fikrinə görə, Əmək Məcəlləsinə bu düzəlişlər xalqın rifahına və mənəvi dəyərlərimizə xidmət edir. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Pənah bəy, sual olanda sual düyməsini, yaşıl düyməni basmaq lazımdır, yerdən danışmaq yox. Müzakirə aparaq. Bəlkə elə fikirlər deyiləcək ki, həqiqətən, lazımlı fikirlər olacaq. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən hesab edirəm ki, bu məsələ ilə əlaqədar olaraq Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilməsi o qədər də vacib deyil. Hadi müəllim bu sənədi elə təqdim etdi ki, guya respublika bu gün bütövlükdə ayaq üstə durub, elə bu qanun layihəsini gözləyir. Bu cür təqdimatın özü əvvəlcədən xəbər verir ki, bu çıxış səmimi notlar üzərində qurulmayıb. Hadi müəllim çıxışında qeyd elədi ki, biz milli-mənəvi dəyərləri qorumaq baxımından Novruz, Ramazan və Qurban bayramlarının qeyd olunma müddətini artırırıq. Əvəzində Dövlət müstəqilliyi günü bayram hesab olunsa da, iş günü qeyd ediləcək. Sovet quruluşu dönəmində, Şıxəli Qurbanovun vaxtından başqa nə vaxt Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı rəsmən bayram kimi qeyd olunub? Novruz bayramını, Qurban bayramını, Ramazan bayramını rəsmi bayram kimi yaşadan 18 oktyabr Dövlət müstəqilliyi günüdür. 18 oktyabrda Azərbaycanın dövlət müstəqilliyi elan olunmasaydı, bu bayramlardan hansı qeyd olunardı? Dövlət müstəqilliyi günü bundan sonra da birmənalı şəkildə ayrıca bayram kimi rəsmən qeyd olunmalıdır.
Ölkələr sadalanır və deyilir ki, bu ölkələrdə guya milli dirçəliş günü rəsmən bayram günü kimi qeyd olunmur. Heç adı çəkilən ölkələrdə milli dirçəliş günü yoxdur, nə rəsmi, nə də qeyri-rəsmi. Türkiyədə milli dirçəliş günü bayramı var? Türkiyədə nə zamandan milli dirçəliş günü qeyd olunur? Milli Məclisin tribunasından yalan söylənilir. Azərbaycanın müstəqilliyinə belə münasibət yaramaz.
İyun ayının 26-sı Azərbaycan Respublikasının Silahlı Qüvvələri günü kimi bayram edilir. Azərbaycanın Silahlı Qüvvələri 100-150 min nəfərlik məhdud bir kontingentdir. Dövlət müstəqilliyini isə bütün Azərbaycan xalqı bayram kimi qeyd edir. Azərbaycanın Silahlı Qüvvələri gününü rəsmi bayram günü kimi qeyd eləyiriksə, o silahlı qüvvələrin qarantı olduğu dövlət müstəqilliyi gününü nədən rəsmi bayram günü kimi qeyd eləməməliyik? Niyə həmin gün…
Sədrlik edən. İqbal müəllim, bir dəqiqə dayanın. Siz niyə belə tərs çıxış eləyirsiniz? Kim deyir ki, bayram günü qeyd olunmur? Bayram günü yalnız iş günü olmayanda bayram günü sayılır? “Bayram günü qeyd olunmur” sözlərini, xahiş edirəm, işlətməyin.
İ. Ağazadə. Mənə nə dəxli var ki, Klara Setkin 8 martla bağlı neçənci ildə nələr eləyib? Azərbaycanın bu parlamentini də, Azərbaycanın yaxın tarixini də hər kəsə bəxş eləyən bir bayramı – Dövlət müstəqilliyi gününü qeyd eləmirsiniz, hansısa bir dövrdə Klara Setkin nə eləyib və ya faşizm üzərində qələbə… Bu, nə Əmək Məcəlləsinə dəyişiklik edilməsi ilə, nə də bu gün Hadi müəllimin təqdim elədiyi kimi, Azərbaycan vətəndaşının sosial rifah halının yaxşılaşdırılması ilə bağlıdır. Bu, sırf siyasi qərardır. Mən buna qəti şəkildə etirazımı bildirir və hesab edirəm ki, Dövlət müstəqilliyi günü də, Konstitusiya günü də, Milli dirçəliş günü də eyni dərəcədə bayram günü kimi qeyd olunmalı və bir günlük bayram statusunu saxlamalıdır. Lazım olarsa, Novruz bayramından bu məqsədlə 3 gün kəsilib götürülə bilər. Novruzu İran kimi bəlkə bir ay bayram eləyək? 2 gün yetərli deyilmi? Gərək 5 gün biz Novruz bayramında bayram eləyək? Azərbaycanın tarixində Novruz bayramı heç vaxt 5 gün bayram olmayıb və Azərbaycan psixoloji cəhətdən Novruz bayramının 5 gün olmasına hazır deyil. Biz bir axır çərşənbəni bayram eləmişik, bir bayram axşamını, bir də bayram gününü. Heç bu xalq iki gündən artıq bayram keçirməyib. Martın 23-24-də bayram keçirəcək bu xalq? Bu xalq heç vaxt tarixində həmin günləri bayram kimi yaşatmayıb. Biz 20 martı bayram axşamı, 21 martı bayram kimi keçirmişik. Axır çərşənbəni bayram kimi qeyd eləmişik.
Sədrlik edən. İqbal bəy, xahiş edirəm. Fikriniz aydın oldu. Bu sizin subyektiv fikrinizdir. Hər məsələni siyasiləşdirmək nəyə lazım? Bunun nəyi siyasi qərardır? Necə olur, verilən təkliflərin hamısı siyasi qərar olur?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Xahiş edirəm, əyləşin yerinizdə. Əgər bu məsələni 10 dəqiqə müzakirə eləsək, o biri məsələlər qalacaq. Təklif oldu ki, 3 dəqiqə müzakirə eləyək.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Çox maraqlı məsələdir, hamı danışmaq istəyir. Xahiş edirəm, yerinizdən danışmayın. Bu köhnə vərdişləri qoyun kənara. Mikrofon qabağınızdadır. Sualınız var, düyməni basın, sualınızı verin. Necə oldu, keçən il bayram müddətini artıranda heç belə siyasiləşdirilmədi, indi bu olan kimi siyasiləşdirildi? İş günündə qeyd olunan bayram bayram deyil? Həmin gün bayram günüdür. Kim deyir ki, Novruz bayramı ancaq 2 gün keçirilə bilər? Biz sovet dövründə Novruz bayramını iki gün qeyd etməyə vərdiş eləmişdik. Azərbaycanın ömrü sovet dövrü ilə bitmir.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. İki təklif oldu, biri müzakirələri üç dəqiqə eləmək, biri də səsə qoymaq. Nə təklifiniz var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Hörmətli həmkarlar, bayram qalır. Mən hesab edirəm ki, bu düzgün qaldırılmış məsələdir. Novruz bayramının günləri artırılırsa, bu o demək deyildir ki, o biri bayram günləri ləğv edilir. Müstəqillik günü bayram günüdür. Ancaq hökm deyil ki, bu gün iş günü olmasın. Harada, hansı ölkənin qanununda yazılıb ki, bayram iş günü olmamalıdır. Azərbaycan qanunu var, o qanunda həmişə dəyişikliklər də olur. Təklif oldu ki, səsə qoyulsun. Kim bu təklifə razıdır, xahiş edirəm, münasibətini bildirsin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Pənah bəy, Sizin səhviniz var. Mənim Sədr kimi buna ixtiyarım var. İclası aparan mənəm, qanunları da pozmuram. Millət vəkilləri təklif veriblər, mən o təklifi səsə qoydum.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qanunda nə yazılıb? Qanun sənin qabağındadır, həmin qanun sənin qabağında, kompüterdə yazılıb.

Səsvermənin nəticələri (saat 12.25 dəq.)
Lehinə 69
Əleyhinə 7
Bitərəf 3
Səs vermədi 1
İştirak edir 80
Yetərsay yoxdur

Yetərsay yoxdur. Xahiş edirəm, əyləşin yerinizdə. Müzakirələri davam etdiririk. 3 dəqiqə. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun, hörmətli Sədr. Mən konkret bu məsələ ilə bağlı təkliflərimi vermək istəyirəm. Mən heç bir siyasi-ideoloji platformadan çıxış eləmədən, hesab edirəm ki, yanaşma doğru yanaşmadır. Tətil günlərinin azaldılması olduqca vacibdir. Amma biz Azərbaycan dövlət modelini necə təsəvvür ediriksə, bayramlara da o cür münasibət bəsləməliyik. Mənim təklifim budur ki, bu gün də olmasa, gələcəkdə bunu nəzərə alaq, gələcəkdə iki ciddi, vacib bayramı – 28 May Respublika gününü və 12 Noyabr Konstitusiya gününü rəsmi dövlət bayramı kimi qeyd eləyək və həmin günlər istirahət günləri müəyyən olunsun. Qalan milli, dini bayramlar – Novruz, Qurban, Ramazan bayramları da bu kateqoriyaya aid edilsin.
Burada maraqlı nüans var. Yəni bir bayramı çıxarıb iki-üç bayramı saxlamaq o saat başqa söz-söhbətin yaranmasına imkan yaradır. Biz əgər Azərbaycanı müasir, sivil bir dövlət kimi görmək istəyir və bunun üçün çalışırıqsa, buna ideoloji xarakterli bayramların sayını çoxaltmaqla nail ola bilməyəcəyik. Ona görə mənim əsas təklifim odur ki, bu bayramların sayı azaldılsın. Azərbaycan kiçik bir ölkədir və bu qədər çox bayramın olması, məncə, məqsədəuyğun deyil. Sözsüz ki, tarixi günlər bayram adı ilə qeyd oluna bilər, amma bunların istirahət günü kimi müəyyən olunmasına heç bir lüzum yoxdur. Ona görə də mən təklif edirəm ki, burada dəyişiklik eləyək, Novruz, Qurban və Ramazan bayramları istisna olmaqla qalan bayramlar arasında ancaq 28 May Respublika gününə və 12 Noyabr Konstitusiya gününə rəsmi dövlət bayramı statusu verək. Mən bu iki günün üzərində durmağın tərəfdarıyam. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Aydın Mirzəzadə.
A. Mirzəzadə. Çox sağ olun, cənab Sədr! Sosial siyasət daimi komissiyasının təklif etdiyi variantı düzgün sayıram və onu müdafiə edəcəyəm. Amma eyni zamanda, verilən təklifə düzəlişlərimi də eləmək istərdim. Bəlkə də dünyada elə bir ölkə yoxdur ki, Azərbaycandakı qədər istirahət və bayram günləri olsun. İlin 365 gününün azı 100 günü şənbə, bazar günləridir. Bundan başqa 20 günü də istirahət günü etsək, biz nə vaxt işləyəcəyik? Bu baxımdan mən hesab edirəm ki, bayram günlərinin sayını Novruz bayramının, yaxud digər bayramların hesabına bir qədər də azaltmaq lazımdır. Çünki indiki keçid dövründə, iqtisadiyyatın bu cür dirçəliş günündə əksinə, işçinin daha çox işləməsinə şərait yaratmaq lazımdır.
Bayram günlərinin adı ilə də bağlı müəyyən təkliflərim var. Məncə, burada qarışıqlıq ondan yaranır ki, 28 may gününün adı düzgün müəyyən edilməyib. 28 mayda Azərbaycan dövlətinin müstəqilliyi elan edilib. Amma nədənsə, o, Respublika günü adlandırılıb. Mən təklif edirəm ki, 28 may öz adının mahiyyətinə görə Dövlət müstəqilliyi günü adlansın. 18 oktyabrda dövlət müstəqilliyimiz elan olunmayıb, Azərbaycanın dövlət müstəqilliyi bərpa edilib. Ona görə də 18 Oktyabr – Müstəqillik Aktının qəbul edildiyi gün, yəni tarixi fakt nədirsə, həmin gün kimi qeyd edilsin.
Burada belə bir fikir də səsləndi ki, guya bu qanunla hansısa bayram günləri ləğv edilir. Bayram günləri olduğu kimi qalır. Tariximizdə, ictimai fikrimizdə öz yeri olan həmin günlər də mətbuatımızda, ayrı-ayrı məclislərimizdə lazımınca qeyd olunacaq. Ancaq hesab edirəm ki, bayram günü ilə iş günü olmayan günləri qarışdırmaq lazım deyil.
Eyni zamanda, mən siyasi opponentlərimizin bu gün məsələni siyasiləşdirmək cəhdinə etiraz edirəm. Mənə elə gəlir ki, onlar məsələni qəsdən qarışdırmağa və tamam başqa səmtə yönəltməyə çalışırlar. Kim dedi ki, 18 oktyabrı, 12 noyabrı, 17 noyabrı bayram günləri sırasından çıxarırıq. Gözlərinin qarşısında monitor var və oxuya bilərlər ki, Azərbaycanın bayramları nədən ibarətdir, iş günü, qeyri-iş günü nədən ibarətdir.
Mən prinsipial mövqeyimi bir daha ortaya qoyur və təkrar edirəm ki, əksinə, bayram günlərinin sayını bir qədər də azaltmaq lazımdır. Çünki bizdə bir qədərdən sonra istirahət və bayram günlərinin sayı iş günlərinin sayından daha çox olacaq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri və media nümayəndələri! Növbəti iclaslarımızda çıxış etməklə bağlı problemlər yaranmasın deyə, mən bəri başdan qeyd etmək istəyirəm ki, bizim Daxili Nizamnamənin 12-ci bəndinə görə əgər millət vəkili çıxışla bağlı israr eləyirsə, ona mütləq söz verilməlidir. Ona görə də ya gəlin, bu Daxili Nizamnaməni dəyişək, ya da buna əməl eləyək.
Müzakirə olunan məsələ ilə bağlı isə mən onu qeyd eləmək istəyirəm ki, əgər Azərbaycanda, doğrudan da, bayram günləri ilə əlaqədar olaraq, istirahət günlərinin sayını azaltmaq istəyiriksə, onda qeyd olunmalı dörd bayramdan biri Dövlət müstəqilliyi günü olmalıdır. Fikrimi onunla əsaslandırıram ki, dövlət müstəqilliyi olmasaydı, indi qeyd etdiyimiz bayramların çoxu ola bilməzdi. Bunların hamısı birbaşa Azərbaycanın dövlət müstəqilliyi ilə bağlı, ondan doğmuş, ondan yaranan günlərdir. Onun üçün də azaltmaq lazımdırsa azaldaq, cəmi dörd bayram saxlayaq. Onlardan biri olsun Dövlət müstəqilliyi günü, qalan üçü də Novruz bayramı, Qurban bayramı, Ramazan bayramı. Xalqımızın keçmişi ilə, bizim dinimizlə bağlı olan bayramlardır. Bir günü də eləyərik Yeni il bayramı. Hər halda il dəyişir. Yox əgər bu təklif qəbul olunmursa, onda əvvəlki üç günü saxlayaq, Konstitusiya günü də olsun istirahət günü. Dövlət Müstəqilliyi günü, Dirçəliş günü də olsun. Novruz bayramını əvvəllər iki gün qeyd edirdiksə, yenə də eyni qaydada iki gün qeyd eləyək. Bununla da məsələlər həllini tapmış olsun. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mən heç nədən iclasın gedişində belə bir əsəbi, gərgin vəziyyətin yaradılmasına görə əvvəlcədən etirazımı bildirirəm. Deputatların qanuni hüquqları pozulur. Buna yol verilməsin. Əlbəttə, biz yaxşı xatırlayırıq və bu qanun layihəsini gündəmə gətirənlər də yaxşı xatırlayırlar ki, vaxtilə həmin şəxslər Azərbaycanın SSRİ tərkibində qalmasından ötrü hansı canfəşanlıqla çıxışlar eləyib və səs veriblər. İndi həmin şəxslər Azərbaycanın müstəqillik gününün bayram statusunun aşağı salınmasına çalışırlar. Bu əgər siyasi məsələ deyilsə, niyə gündəmə gətirilib, maraqlıdır.
Azərbaycan xalqının milli dirçəlişi əleyhinə hansı qüvvələrin, hansı siyasi dairələrin hansı çıxışlar eləməsi bizim yaxşı yadımızdadır. Bu gün də belə çıxır ki, Azərbaycan xalqının milli dirçəlişində maraqlı olmayan qüvvələr var, bizim tarixi yaddaşımızı, ən yaxın tariximizdə müstəqillik uğrunda mübarizəmizin çox mühüm dövrlərini, Azərbaycan xalqının sərvəti olan hadisələri Azərbaycan xalqının yaddaşından silmək istəmə meyilləri var. Əgər elə deyilsə, bir daha təkrar edirəm, niyə bu məsələ gündəmə gətirilib? Milli dirçəliş günü o dövrdə istər kommunist olsun, istər Xalq Cəbhəsinin üzvü olsun, istərcə də burada iştirak eləyən Yeni Azərbaycan Partiyasının üzvləri və ya müxalifət partiyalarının üzvləri olsun, hamımızın iştirak elədiyi, həqiqətən, ümumxalq hərəkatı idi və ümumxalq milli dirçəlişi kimi də qeyd olunurdu. Təsadüfi deyil ki, bu, uzun müddət bizim qanunçuluğumuzda da təsbit olunub.
Eləcə də Konstitusiyamız. Yaxşı, bu, Heydər Əliyevin Konstitusiyası deyil? Siz həmişə bununla fəxr, iftixar eləmirsiniz? Ölkənin ən ali qanununun xüsusən Azərbaycan kimi keçid mərhələsini yaşayan ölkələrdə bayram günü kimi çox ciddi şəkildə qeyd olunması qanunun aliliyinə, vətəndaş cəmiyyətində olan əsas prinsiplərin bütövlükdə cəmiyyətdə, uşaqlı, böyüklü hamımızda təsbit olunmasıdır. Ümumiyyətlə, utanc gətirən məsələdir ki, Konstitusiya gününü ikinci dərəcəli bayram statusuna gətirib çıxarırıq və bayram günlərini ixtisar eləmək lazım gəldikdə Konstitusiya gününü ixtisar edirik. Qaşınmayan yerdən qan çıxarmayın.
Mənim başım çıxmır, bu qanun layihəsinin müəllifləri, yaxud müəllifi kimdir? Bir halda ki, bayram günlərinin ümumi sayı dəyişmir, qanunda bu dəyişikliyin mənası nədir? Niyə bu bayram hesabına Novruz bayramını 3 gün artırırlar? Görünür, çox ciddi geosiyasi gərginliyin yarandığı mərhələdə bu gərginliyi, bu lazımsız diskussiyaları cəmiyyətə gətirmək kimlərəsə sərfəlidir, kimə isə lazımdır. Odur ki, mən bu qanunun qəbul olunmasının əleyhinə səs verəcəyəm və siyasi mənsubiyyətindən asılı olmayaraq hamıdan xahiş edirəm, bunun əleyhinə səs versinlər.
Sədrlik edən. Sağ ol, Pənah bəy. Birinci, diqqətlə fikir verin, burada bayram günlərinin sayı dəyişir, sizin dediyiniz kimi dəyişməz qalmır. İkinci, bu bir daha sübut edir ki, bu siyasi məsələ deyil, çünki Konstitusiya günü də, Müstəqillik günü də bayram günü elan olunur. Bu bir daha sübut edir ki, bu siyasi sifariş deyil. Arzu Səmədov.
A. Səmədov. Çox sağ olun, hörmətli Sədr. Hörmətli millət vəkilləri! Hörmətli Oqtay müəllim, əgər, doğrudan da, elədirsə, elə ilk baxışdaca Siz məsələyə öz münasibətinizi bildirərdiniz və ayrı-seçkiliyin lazım olmadığını hörmətli Hadi müəllimin də, layihənin müəlliflərinin də diqqətinə çatdırardınız. Doğrusu, mən bu məsələdə ayrı-seçkilik edilməsini və bugünkü dövlət başçısının 3 il dalbadal burada olmamasını qınayıram.
Hesab edirəm ki, bu doğru yanaşma deyil. Axı 18 oktyabr Azərbaycanın BMT-yə daxil olma sənədlərində Müstəqillik günü kimi qeyd olunub. Bu müstəqilliyə gələn yol, elə-belə, asan olmayıb. Bu müstəqillik uğrunda şəhid olmuş insanlar Şəhidlər xiyabanında uyuyur. Xaricdən gələn qonaqlar, istər dövlət başçıları, istərsə də dövlət adamları ilk olaraq ora aparılır. İndi onlara nə deyək? Bu insanlar nəyin uğrunda şəhid olublar, biz nəyə görə onları ziyarət edirik? Azərbaycanın müstəqilliyinin qazanılması üçün canlarını qurban vermiş, şəhid olmuş vətən övladları məhz bu günü tarixə yazıblar. İndi həmin gün bayram kimi qeyd olunur və iş günü elan olunmamalıdır. Həmin günü qeyd eləməliyik.
17 Noyabr – Milli dirçəliş günü. Sizin yadınıza salıram ki, keçmiş SSRİ-də başlanan azadlıq hərəkatı dalğasında Azərbaycan adını tarixə yazıb və həmin il Azərbaycan “Yer üzünün ən mübariz xalqı” adını alıb. Sənədlərə baxın, Azərbaycan xalqı həmin gün “Yer üzünün ən mübariz xalqı” adını alıb.
Konstitusiya günü. Bu barədə mənim demək istədiklərimi artıq Pənah bəy, qeyri deputat yoldaşlarımız dedilər. Azərbaycan Konstitusiyasının qəbul olunduğu gün Azərbaycanın bayram günüdür. Fərqi yoxdur layihə kimin tərəfindən irəli sürülüb, kimin hakimiyyəti dövründə, kim tərəfindən qəbul olunub. Bu günlər qeyd olunmalıdır və bu ayrı-seçkilik aradan qalxmalıdır. Mən hesab edirəm ki, bu günlərin bayram günü kimi qeyd olunub, iş günü kimi qeyd olunmaması elə ayrı-seçkiliyin nəticəsidir. Mənə elə gəlir ki, bu cür münasibət aradan qalxmalıdır.
İkincisi, Oqtay müəllim, bu gün buna olan münasibət deputatlara olan münasibətdəki fərqdə də görsənir. Deputat deputatdır. O, istər müxalifətdən olsun, istər iqtidardan olsun, istərsə də bitərəf olsun. Biz seçicilərin səsini alıb bura gəlmişik. Burada qəbul olunan qanun və qərarlara riayət olunmalıdır və Sədr də buna əməl eləməyə borcludur. Çox sağ olun.
Sədrlik edən. Hörmətli Arzu müəllim, mən nəyə riayət eləməliyəm? Mən səsə qoydum, bəzi deputatlar heç səs də vermədilər. Təkrar səsə qoyuldu, çoxu səs vermədi. Burada hansı hüquqlarınızı pozmuşam? Siz hər məsələni siyasiləşdirmək istəyirsiniz. Mən deyirəm ki, bu siyasi məsələ deyil, özünüz də sübut elədiniz ki, bu siyasi məsələ deyil. Ona görə müzakirələri davam etdiririk, səsvermədə nəticələri biləcəyik. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli cənab Sədr. Mən çox təəssüf edirəm ki, Əmək Məcəlləsinə olan çox sadə və anlaşıqlı, kiçik bir dəyişikliyi bizim bəzi müxalifətçi, yaxud müxalifətçi görünmək istəyən deputatlarımız siyasi problemə çevirirlər. Burada hər şey aydındır. Bayram günləri olduğu kimi qalır. Heç bir bayram günü Əmək Məcəlləsindən silinmir, atılmır. Sadəcə, bayram günlərindəki istirahət günlərinin yerləri dəyişdirilir. Heç istirahət günlərinin sayı da azaldılmır.
Burada etiraz səslənir ki, niyə Dövlət müstəqilliyi günü, Konstitusiya günü və Milli dirçəliş günü iş günü sayılır. Bunun hamısı bir məqsədə xidmət eləyir. Azərbaycanın Cümhuriyyət günü, Azərbaycanın Respublika günü, müstəqilliyini əldə etdiyi gün 28 maydır. Bir dəfə televiziyada sorğu keçirildi, hansısa bir televiziya kanalında idi. Soruşulurdu ki, 17 noyabrda nə olub? Sorğulardan keçənlərin 90 faizi bilmədi ki, 17 noyabr nədir. 18 oktyabrı da bilmədilər. Soruşdular Müstəqillik günü hansıdır? Əksəriyyəti dedi ki, müstəqillik günü 28 maydır.
Bunların hamısı bayram kimi qalır. Amma təkcə 28 may istirahət günü olur. Burada nə var ki, biz bunu geniş bir siyasi diskussiyaya çeviririk. Burada xalqın bayramlarını azaltmaq istəyi də yoxdur. Sadəcə, bayram günlərinin sayı dəyişilir. Hər bir xalqın milli bayramı olduğu kimi, Novruz bayramı da Azərbaycan xalqının ənənəvi milli bayramıdır. Burada deyirlər, Novruz bayramı heç vaxt iki gün qeyd olunmayıb. Hamımız eldən-obadan gələn adamlarıq. Bir həftə hamı bir-birinin evinə gedir, bayramlaşır, ağsaqqalı, ağbirçəyi ziyarət edir. Bu normal bir şeydir. Gəlin, o biri günlərimizi də yaşadaq. Biz demirik ki, onları yaşatmayaq.
Hörmətli cənab Sədr, hər bir millət vəkilinin burada təklif vermək hüququ var. Mən də bu hüququmdan istifadə edərək təklif edirəm, müzakirələr kəsilsin və bu məsələ səsə qoyulsun. Hərə öz fikrini səsvermə ilə bildirəcək. Təşəkkür edirəm.
Sədrlik edən. Həqiqətən, heç nədən belə müzakirələrə başlayırlar. Mən özüm də bu müzakirələrin çox uzanmasına lüzum görmürəm. Çünki hətta xarici səfirlər, xarici ölkələr Azərbaycanın müstəqilliyini təbrik etmək istədikdə çaşıb qalırlar, bilmirlər 28 mayda, yoxsa 18 oktyabrda təbrik eləsinlər. Bu birinci məsələ. İkinci, bu günlər bayram günləri kimi qalır. Bəzi bayramların iş günü qeyd olunması sanki çox böyük bir faciəyə gətirib çıxarır. Bütün ölkələrdə iş günü qeyd olunan bayramlar var.
Bizim opponentlərimiz dedilər ki, biz sivil dövlət qururuq və ona görə də dini bayramlar keçirməməliyik. Məgər Milad bayramı dini bayram deyil? Onu qeyd edən ölkələr sivil ölkələr deyillər? Dünyanın bütün dövlətləri milli bayramlarını keçirirlər. Özü də çox dövlətlər milli bayramlarını 5 gün, 10 gün qeyd edirlər. İndi Azərbaycan xalqının ixtiyarı yoxdur, öz milli bayramını, Novruz bayramını 5 gün qeyd etsin? Biz istəyirik ki, bu bayram yaxşı qeyd olunsun, bu millət öz milli bayramını heç olmasa, 5 gün keçirsin. Burada nə pis iş var ki?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz danışanda mən sizə maneçilik eləmədim. Elementar bir qabiliyyətiniz olsun. Mən bir adamın sözünü kəsmədim. Bu nə davranışdır?
Mən istəyirəm, bir neçə yoldaş da çıxış eləsin, çünki səsə qoydum, millət vəkillərinin xeyli hissəsi səsvermədə iştirak eləmədi. Mən deyirəm, davam eləyək. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Ümumiyyətlə, Əmək Məcəlləsinə bu dəyişikliklərin edilməsini mən yaxşı qarşılayıram və hesab edirəm ki, bayram günlərinin dairəsinin qanunvericilik yolu ilə dəqiq müəyyən olunması müsbət bir haldır. İş günü olmayan bayram günlərinin iş günləri ilə üst-üstə düşməsi halları barədə müəyyən olunmuş qaydaları da mən bəyənirəm. Mən hesab edirəm ki, qanunvericilikdə bunun dəqiq müəyyən olunması yaxşı bir haldır.
Mən başqa bir mövzuda çıxış etmək istəyirdim. Amma müzakirələrin bu cür forma alması məcbur elədi ki, mən də öz fikrimi bildirim. Mən yalnız Konstitusiya gününün iş günü olmayan bayram kimi qeyd edilməsini təklif edərdim. Oqtay müəllim, burada Novruz bayramı 5 gün müəyyən olunsa da, əslində, 7 gün olacaq. Çünki bu dəyişikliklərin 5-ci bəndinə əsasən şənbə, bazar günləri bu 5 günün ya içinə, ya əvvəlinə, ya da axırına düşəcək. Mən hesab edirəm ki, bu günlərdən birini Konstitusiya gününün iş günü olmayan bayram kimi qeyd edilməsi üçün götürsək, düz olar. Onu da nəzərə alaq ki, bizim təmsil elədiyimiz bu dövlətin iqtisadi, siyasi, hüquqi əsasları Konstitusiyada əks olunur. Mən ona görə Konstitusiya gününün iş günü olmayan bayram kimi qeyd olunmasını təklif edirəm. Hesab edirəm, Novruz bayramının günlərindən bir gün alıb Konstitusiya gününün qeyd edilməsi üçün ayırsaq, düzgün olar. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mirkazım müəllim mənimlə yanaşı yazılıb. O da vaxtını mənə verir. Mən bu məsələyə öz münasibətimi bildirmək istəyirəm. Deputat həmkarlarımdan xahiş edirəm, təqdim olunan qanun layihəsini qəbul eləsinlər.
Lakin bir neçə fikri mən söyləməliyəm. Burada bəzi fikirlər söylənildi. Məsələnin mahiyyəti nədən ibarətdir? Heç bir ölkədə eyni şeyi təkrar eləyən üç bayram yoxdur. Konstitusiya nədir? Müstəqillik deməkdir, Respublika deməkdir. Respublika günü nə deməkdir? Yenə müstəqillik deməkdir. Müstəqillik günü nə deməkdir? Respublika günü deməkdir. Deməli, bir ölkənin Prezidenti Azərbaycan Prezidentinə ildə üç dəfə – Konstitusiya günü, Müstəqillik günü və Azərbaycanın Respublika günü münasibəti ilə təbrik göndərməlidir. Halbuki bunlar hamısı eyni şeydir. Bütün dünya ölkələrində bir gün var. İyul ayının 4-ü Amerikanın Respublika günüdür. Amerika bəyəm müstəqil deyil və yaxud ABŞ-ın konstitusiyası yoxdur? Təbii ki, bunların hamısı orada nəzərdə tutulur. Ona görə də biz bunları ümumiləşdirməliyik.
Müstəqillik günü istər 18 oktyabr olsun, istər 28 may olsun, istərsə də 12 noyabr olsun, bunların üçündən biri olmalıdır. Məsələn, səhv eləmirəmsə, 30 avqust Özbəkistanın Respublika günüdür. Üç gün bayram eləyir, vəssalam. Başqa-başqa ölkələrin təcrübəsindən misal gətirmək olar. Yəni bu məsələ konkretləşməlidir. Burada söhbət ondan getmir ki, kim müstəqillik istəyir, kim istəmir. Müstəqillik Azərbaycan xalqının nemətidir. Mən elə bir azərbaycanlı tanımıram ki, o, müstəqilliyin əleyhinə çıxsın və müstəqilliyi istəməsin.
Burada səsləndi ki, kommunistlər belə... Kommunistlər də bu vətənin oğludur, burada işləyiblər, burada çalışıblar - zəhmətlə, əziyyətlə, şərəflə. Ola bilər, onların arasında hansısa nadürüstü olubdur. Amma o demək deyil ki, bu insanlar Azərbaycan vətəndaşı deyillər. Mən ömrümdə o partiyanın üzvü olmamışam. Amma hər halda məsələyə düzgün yanaşma olmalıdır.
Digər bir məsələ. Siz ona çox gözəl toxundunuz. Milad bayramı dekabrın 25-dən başlayır. Yanvar ayının düz 10-a qədər heç bir Avropa dövlətində iş yoxdur. Dini bayramdır. Bizim də Novruz bayramımız var. O, beş gün də ola bilər. İnsanlar gedib bir-birini təbrik edər, daha çox dincələrlər. Qurban bayramı və Ramazan bayramı da indi istirahət günü olubdur. Bu da vacib amillərdən biridir. Onsuz da adamlar bununla əlaqədar əziyyət çəkirlər, gedirlər, gəlirlər. Mən hesab edirəm ki, bu bayramların iki gün qeyd edilməsi də düzgündür, təqdirəlayiqdir.
Bayram günləri ilə əlaqədar mənim bir təklifim var. Mən hesab edirəm ki, müstəqil Azərbaycanın qurucusu, ümummilli liderimiz Heydər Əliyevin doğum günü – 10 may da bu gün bu qanun layihəsinə əlavə olunmalıdır. Qanunlar nədən irəli gəlir. Bunun üç əsas şərti var. Mən bunları xırdalamaq istəmirəm. Bunlardan biri də sanksiyalaşdırılmış adətlərdir. Yəni sanksiyalaşdırılmış adətlər qanuna çevrilir. Azərbaycan xalqı onsuz da bunu bayram edir. Ona görə də mən hesab edirəm ki, bizim komissiya bunu bura daxil eləməlidir.
Azərbaycan Konstitusiyasının müəllifi Heydər Əliyevdir. Müstəqil Azərbaycan dövlətinin qurucusu və yaradıcısı Heydər Əliyevdir. SSRİ-nin tərkibindən ilk dəfə Naxçıvan Muxtar Respublikasının çıxmasını və müstəqilliyini elan edən, Azərbaycanın üç rəngli bayrağını ilk dəfə Azərbaycanın dövlət orqanının – Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üzərində dalğalandıran Heydər Əliyevdir. Məhz buna görə mən hesab edirəm ki, bu siyahıya 10 may da daxil olmalıdır. Mən deputat həmkarlarımı da bu məsələdə bizə dəstək verməyə çağırıram. Heydər Əliyevin sağlığı dövründə bu məsələ bir neçə dəfə qaldırılıb, lakin özü etiraz eləyibdir. Bu gün bizim heç bir mənəvi haqqımız yoxdur ki, 10 mayı dövlət bayramları siyahısına daxil etməyək. Ona görə də mən təklif edirəm ki, həmin gün, yəni 10 may da Azərbaycan xalqının milli bayramı kimi qeyd edilsin və Azərbaycan Respublikasının dövlət bayramları siyahısına daxil edilsin. Ümumilikdə götürdükdə mən hesab edirəm ki, dövlət bayramları günlərinin siyahısında bir düzəliş olunduqdan sonra bu qanun layihəsini biz qəbul edərik. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Aynur Quliyeva.
A. Quliyeva. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də digər deputat həmkarlarımın fikirlərinə qoşuluram və hesab edirəm ki, Əmək Məcəlləsində bu sayaq dəyişikliklərin edilməsinə lüzum yoxdur. Biz əgər Novruz bayramını 5 gün qeyd eləmək istəyiriksə, bunu Dövlət müstəqilliyi gününün, Konstitusiya gününün və Milli dirçəliş gününün iş günü sayılmaması hesabına etməməliyik. Çünki Azərbaycan cəmiyyəti bu dəyişikliyi qəbul eləməyə hazır deyil. Ortada bir siyasi motiv, siyasi məqsəd olmasa belə, bu heç bir halda normal qarşılanmayacaq və bizim ən yeni tariximizə qısqanc münasibət kimi qiymətləndiriləcək. Əgər siz mətbuatı izləyirsinizsə, bilirsiniz ki, bu cür meyillər artıq özünü büruzə verir. Ona görə mən təklif eləyirəm ki, biz Respublika gününü də, Konstitusiya gününü də əvvəlki qaydada bayram günü kimi qeyd eləyək və həmin günlər iş günləri hesab olunmasın.
Burada fikirlər səsləndi ki, 28 May özündə Dövlət müstəqilliyi gününü də, Dirçəliş gününü də, Konstitusiya gününü də ehtiva eləyir. Amma mən hesab edirəm ki, biz heç 28 Mayı da dəyərincə, layiqincə qeyd eləmirik. Siz xatırlayırsınızsa, burada biz bu məsələni dəfələrlə qaldırmışıq. Prezident Heydər Əliyevin cümhuriyyət banilərinə abidə ucaldılması haqqında sərəncamı var. Amma təəssüf ki, bu günə qədər də həmin sərəncam icra olunmayıb. Həmin abidə ucaldılmayıb. Bugünkü iclasımızda hörmətli mədəniyyət naziri Əbülfəs Qarayev də iştirak edir. Mən fürsətdən istifadə eləyib ona da bu tribunadan müraciət eləmək istəyirəm ki, həmin qərara yenidən baxsınlar. Məndə olan məlumata görə, abidənin qoyulması üçün yer də ayrılıb. Mən çox xahiş edirəm ki, imkanlar daxilində həmin abidənin qoyulması məsələsinə baxılsın. Mən deputat həmkarlarımı bu dəyişikliyə səs verməməyə çağırıram. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Nəhayət, növbə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri hörmətli Səttar müəllimə gəlib çatdı. Buyurun. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılan Əmək Məcəlləsinə dəyişikliklər, doğrudan da, aktual məsələdir. Bu məsələ daha əvvəl komissiyada müzakirə olunub. Bizim nümayəndəmiz orada iştirak eləyib və bu dəyişikliklərə tərəfdar çıxıb. Cənab Sədr, Siz də qeyd elədiniz, burada çıxış edən millət vəkilləri də qeyd elədilər, bu məsələ siyasi xarakter daşımır. Bayram günlərinin hamısı qeyd olunur. Azərbaycan vətəndaşları öz iş yerlərində Müstəqillik gününü də, Konstitusiya gününü də, Milli dirçəliş gününü də toplantı keçirib qeyd edə, bir-birini təbrik eləyə bilərlər. Fərq yalnız ondadır ki, həmin günlər istirahət günləri olmayacaqdır. Yəni bütün bayramlar mütəmadi olaraq qeyd ediləcəkdir. Biz bunun tərəfdarıyıq ki, Novruz bayramının günləri artırılsın. Milad bayramını nə üçün 15-20 gün qeyd eləyirlər, biz bunu 7 gün, 5 gün qeyd eləyə bilmirik? Yəni bu dəyişikliklər düzgündür. Mən buna səs verəcəyəm.
Mənim bir xahişim var, cənab Sədr. Bütün dünyada 1 May bayramı zəhmətkeşlərin həmrəylik günü kimi qeyd edilir. Burada çıxış eləyən Pənah bəy dedi ki, biz özümüzü sivil ölkə sayırıq və bu bayramları iş günü qeyd edə bilmərik. Halbuki 1 May bayramı onların hakimiyyəti dövründə onlar tərəfindən ləğv edildi. Mən xahiş edərdim ki, bu bayramın bərpa olunması haqqında da fikirləşək, lazım olsa, qanunda müvafiq dəyişiklik eləyək. Mən xahiş edirəm, bu qanun layihəsini səsə qoyasınız və biz onu qəbul edək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Yaxşı, mən Bahar xanıma da söz verim, sonra səsə qoyaq.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən bu qanuna dəyişikliyin qəbul olunmasını təklif edən bütün həmkarlarımın fikirlərinə qoşulur və hesab edirəm ki, Əmək Məcəlləsinə bu dəyişikliyin edilməsi üçün burada bəzilərinin söylədiyi kimi, xalq ayaq üstə durmalı deyil. Xalq milli bayramlarını ciddi şəkildə, daha uzun müddətdə qeyd eləmək istəyir. Ancaq bunun üçün xalq mütləq ayaq üstə qalxmalı deyil.
Burada müstəqillik dövrünə və yaxın tariximizə qısqanc münasibət və yaxud 28 mayın kimlərsə tərəfindən bayram kimi qeyd edilməməsi barədə fikirlər səsləndi. Bəlkə 28 mayı kimlərsə özü üçün bayram kimi qeyd eləmir və həmin gün bayram əhvali-ruhiyyəsində olmur. Çünki mən burada fikir eşitdim ki, hansı günümüzə bayram edirik. Yaxşı, hansı günümüzə bayram edirik nədir, bu gün evdə oturmaq istəyi ilə alovlu çıxışlar etmək nədir? Azərbaycan xalqının, istənilən xalq və dövlətin vəziyyətdən asılı olmayaraq istirahət və bayram etməyə haqqı var. Bunu heç kəs onun əlindən ala bilməz. Bu gün Azərbaycan xalqının əlindən heç bir bayramı alınmır. Həmin bayramlar tariximizdə öz yerini tutur və ona adekvat münasibət olacaq, bundan sonra getdikcə möhkəmlənəcək.
Azərbaycan xalqının əsil mənada müstəqil şəkildə yaşamasını, işləməsini, sivil şəkildə öz tarixinə yeni münasibətini, yeni yanaşmasını qəbul etmək istəməyənlər bu gün bu məsələdən populistcəsinə istifadə etməyə çalışırlar. Bəlkə də Hadi müəllimə ürəklərində təşəkkür edirlər ki, nə yaxşı bu məsələni müzakirəyə çıxardı, biz danışmağa söz tapdıq. Çünki sizin artıq deməyə sözünüz qalmayıb. Siyavuş müəllim çox gözəl dedi, bu gün Azərbaycanın bütün bayramlarını mənəvi haqla qeyd eləməyimizə şərait yaradan ümummilli liderimiz Heydər Əliyevdir. Azərbaycanın müstəqillik tarixinin 13 ili bu şəxsiyyətlə bağlıdır. Müstəqillik aktinin elan olunduğu gün və ondan sonra keçən bir il ərzində siz bununla əlaqədar Azərbaycanda hansı atributları görmüşdünüz? Azərbaycanın müstəqil ordusumu var idi? Azərbaycan müstəqil siyasətmi yeridirdi? Azərbaycanın hakimiyyəti ölkəni səriştəli şəkildəmi idarə edirdi? Bu parlamentdə nə baş verirdi, hər kəsin yadındadır. O parlamentə müstəqil Azərbaycanın Parlamenti demək mümkün idimi?
Ondan sonrakı illərdə, cənab Pənah bəy, neçə illər siz xaricdə oldunuz, buralarda görünmədiniz. Heç onda Müstəqillik aktinin qəbul olunduğu gün, Milli dirçəliş günü yadınıza düşmürdü. Özünüzü dirçəlmiş adam kimi yox, əzilmiş adam kimi hiss edirdiniz. Bu gün siz Azərbaycanın əsil müstəqillik tarixində bir balaca dirçəlmisiniz. İmkan əldə etmisiniz, tribuna əldə etmisiniz. Çox yaxşı, biz buna şadıq. Amma bundan layiqincə istifadə etmək lazımdır, populistcəsinə yox. Bu gün Azərbaycan xalqının istirahət hüququnu da Azərbaycan Respublikasının Konstitusiyasında bu hakimiyyət təsbit edibdir. Bu gün bu müstəqilliyi təmin edən yalnız Heydər Əliyev siyasətidir və gələcəkdə onu inkişaf etdirən də bu siyasət olacaqdır. Siz bunu qəbul etsəniz də, etməsəniz də. Ona görə xahiş edirik, bu xalqın, millətin hissləri ilə oynamayın. İstədiyiniz o qarmaqarışıq hadisələr baş verən siyasi meydanı bir daha əldə etməyəcəksiniz. Nə bu millət, nə də bu dövlət heç bir provakasiyaya getməyəcək. Heç kəsi siyasi oyun oynamaqda ittiham etməyə də sizin mənəvi haqqınız yoxdur. Çünki bu oyunların ən mahir oyunçusu sizsiniz. Daha doğrusu, özünüzü bu şəkildə göstərmək istəyirsiniz.
 Burada yaxşı dedilər ki, kimlərsə özlərini müxalifətçi kimi göstərmək istəyirlər. Bəli, bu gün Azərbaycan siyasət meydanında müxalifətçi yox, müxalifətçi kimi görünən insanlar var və o insanlar öz şəxsi maraqları üçün bundan məharətlə istifadə edirlər. Bunları biz çox yaxşı bilirik. Ona görə də burada heç kəsin gözünə kül üfürmək, özünü müstəqillik qəhrəmanı elan etmək və başqalarını ittiham etmək lazım deyil. Sizin nə haqqınız var ki, kimlərəsə ad qoyur, boynuna yarlıq asırsınız. Bəli, Azərbaycanın müstəqillik tarixində Siyavuş Novruzov, mənim digər həmkarlarım, hamımız iştirak etmişik. Heç kəsin bunu mənimsəməyə haqqı yoxdur. Bu gün Azərbaycanın müstəqil dövləti var, öz taleyinin sahibidir və sahibliyi də həyata keçirir.
Yerdən. (Eşidilmir.)
B. Muradova. Xahiş edirəm, yerinizdə əyləşin, mən sizin çıxışınıza maneçilik etməmişəm.
Yerdən. (Eşidilmir.)
B. Muradova. Buradan görünür. Qulaq asın.
Sədrlik edən. Xahiş edirəm, qulaq asın, yerinizdən durmayın.
B. Muradova. Dinləmək qabiliyyəti də gözəl şeydir. Onda bütün fikirlər də eşidilir və qəbul olunur. Azərbaycanın real müstəqillik tarixi Heydər Əliyev siyasətinin məhsuludur və bunu heç kəs Azərbaycan xalqının hafizəsindən silə bilməyəcəkdir. Mən, əziz həmkarlarım, sizin hər birinizi bu qanun layihəsinin qəbul olunmasına səs verməyə çağırıram. Diqqət göstərənlərə təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Siz çıxış edəndə sözünüzü kəsən oldu? Yerindən danışan oldu? Sizin çıxışlara qarışan oldu?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qulaq asın. Jurnalistlər artıq nəyi lazımdır çəkdilər, nəyi lazımdır yazdılar.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bəsdir, xahiş edirəm. Müzakirə etdik. Mənə elə gəlir, müzakirələr getdikcə bir az da qızışacaq. Mən təklif edirəm ki, məsələni səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

Səsvermənin nəticələri (saat 13.02 dəq.)
Lehinə 82
Əleyhinə 10
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 93
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Mən çox çalışıram ki, iclasımızı yüksək səviyyədə keçirək, populizmdən bir az uzaq olaq. Alınmır. Hamı istəyir, bir balaca çox çıxış etsin. Mən söz verə bilmədiyim həmkarlarımızdan üzr istəyirəm. Xahiş edirəm, məni başa düşsünlər.
Gündəliyin ikinci məsələsinə keçirik. Teatr və teatr fəaliyyəti haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə. Bu, layihənin ikinci oxunuşudur. Layihə 7 fəsil, 24 maddədən ibarətdir. Bu layihənin müzakirəsində Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev və Mədəniyyət Nazirliyinin idarə rəisləri iştirak edirlər. Söz verilir Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərova.
N. Cəfərov, Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri.
Möhtərəm Sədr, hörmətli millət vəkilləri, cənab nazir! Biz Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsini birinci oxunuşdan sonrakı düzəlişlərlə ikinci oxunuşda müzakirənizə təqdim edirik. Əvvəla, bu qanunun fəlsəfəsi ondan ibarətdir ki, birincisi, biz on illər boyu yaranmış mövcud teatr potensialımızı qoruyub saxlayaq, ikincisi, bugünkü bazar iqtisadiyyatı, demokratik inkişafımız şəraitində teatrımızın yaşamasını təmin edək, yəni teatr xarakterik əlamətlər qazansın və nəhayət, üçüncü, incəsənətin bu sahəsinin professional inkişafı təmin olunsun, istər teatr fəaliyyəti səviyyəsində, istərsə də ayrı-ayrı sənətkarlar səviyyəsində istedad dəyərləndirilsin.
İndi biz Azərbaycanın müstəqilliyi ilə əlaqədar bayram günlərinin keçirilməsi ilə bağlı çox teatral bir müzakirə keçirdik. Amma məsələ burasındadır ki, həqiqətən, 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində Azərbaycanda incəsənətin ən müxtəlif sahələri, o cümlədən də teatr ciddi böhran keçirib. Yalnız ümummilli lider Heydər Əliyevin yenidən hakimiyyətə gəlməsi ilə Azərbaycanda mədəniyyətin, incəsənətin ən müxtəlif sahələri, o cümlədən teatr birbaşa dövlət siyasətinin, dövlət quruculuğu siyasətinin obyekti oldu. Bunu etiraf etmək lazımdır.
Bu gün teatrlarımızın, həqiqətən, yenidən qurulması prosesi gedir və onlar müasir texniki və professional səviyyəyə uyğunlaşdırılır. Ümumiyyətlə, bu gün biz konkret olaraq görə bilərik ki, bizim teatrlarımızın demək olar ki, hamısında həm teatrlar fəaliyyət göstərir, həm də onların təmiri prosesi gedir. Yəni dövlətin teatra qayğısı olduqca genişdir, olduqca konkretdir.
Bununla yanaşı, teatr yalnız texniki avadanlıqlardan ibarət deyil, teatr həm də müəllif, rejissor, aktyor deməkdir. Yəni bu sahədə də işlər görülməlidir. Amma bilirsiniz ki, professionalı yetişdirmək olduqca uzun çəkən bir məsələdir. Bunu da etiraf etmək lazımdır ki, Azərbaycan teatrı Azərbaycan kinosu üçün də, televiziyası üçün də həmişə baza olub və bu gün də baza olaraq qalır. Yəni böyük sənətkarların mütləq əksəriyyəti televiziyaya da, kinoya da teatrdan gəlir. Bu gün Azərbaycanda teatr kadrları hazırlayan universitet geniş bir şəkildə fəaliyyət göstərir, teatrların özlərində müxtəlif studiyalar açılıb. Bu studiyalarda gənclər hazırlanılır, yəni, ümumiyyətlə, teatr sənəti inkişaf edir.
Niyə biz teatra digər sahələrə nisbətən bu qədər önəm veririk? Əvvəla, Azərbaycanda teatrın, həqiqətən, böyük tarixi var. Mütəxəssislərimiz yaxşı bilirlər, bir sıra respublikalarda teatrı məhz azərbaycanlılar yaradıblar. Orta Asiya respublikalarında, Dağıstanda, Türkiyədə ilk teatr yaradıcıları məhz azərbaycanlılar olub. Bu da bizim üçün tarixi bir fəxrdir. Nəzərə almaq lazımdır ki, teatrın kontingenti genişdir. Azərbaycanda həm teatrların sayı çoxdur, həm də teatr sahəsində çalışan çoxlu sayda adlı-sanlı mütəxəssislərimiz var. Onların professional göstəriciləri ilə yanaşı, problemləri də var. Bilirsiniz ki, bu gün biz sənət sahəsinə dövlət büdcəsindən nə qədər artıq vəsait ayırırıqsa, yenə də müəyyən problemlər qalır. Təbii ki, bunlar bir gündə, beş gündə, bir ildə həll olunacaq məsələlər deyil. Ona görə də biz çalışmışıq ki, teatr haqqında qanun teatr sənətimizin dünyanın müasir teatr sənəti səviyyəsinə qaldırılmasına, inkişafına kömək eləsin. Teatrlarımız ən azından xalqımızın bu sənətə olan ehtiyacını təmin eləsin.
Birinci oxunuşda söylənmiş xeyli mülahizələr, fikirlər ikinci oxunuşda bir daha nəzərdən keçirilib, bir sıra anlayışlar dəqiqləşdirilib, kəskin qoyulan bir sıra məsələlər, xüsusilə teatrın növləri - dövlət teatrı, bələdiyyə teatrı, özəl teatrlar ilə bağlı məsələlər müəyyən qədər yumşaldılıb. Bununla bağlı kəskin təyinatlar verilmişdi. Biz çalışmışıq ki, o təyinatlar kəskin olmasın. Niyə? Ona görə ki, bu diferensiasiya teatrın fəaliyyəti ilə getməlidir. Yəni biz təcrübədən kənar birdən-birə diferensiasiya versək, ola bilsin ki, o, təcrübədə özünü doğrultmasın. Biz teatr üçün çalışmalıyıq, müxtəlif səviyyələrdə dövlət qayğısı olmalıdır ki, bu prosesdə teatrların diferensiasiyası öz-özlüyündə getsin. Çünki bu professional bir sahədir, burada xüsusi qərarla, göstərişlə nəyi isə dərhal həll etmək mümkün deyil.
Bu qanun üzərində, əsasən, Mədəniyyət Nazirliyi işləyib. Mədəniyyət Nazirliyinin bu sahə üzrə bütün mütəxəssisləri, Mədəniyyət Nazirliyi sferasına daxil olmayan teatrşünas mütəxəssislər qanunun hazırlanmasında iştirak ediblər. Mən xüsusilə görkəmli teatrşünasımız professor İlham Rəhimlinin adını çəkmək istəyirəm. Onun xüsusi xidmətləri olub. Milli Məclisin Sosial qanunvericilik şöbəsinə, bu şöbənin müdiri Adilə xanıma xüsusi təşəkkür etmək istəyirəm ki, müvafiq mütəxəssislərin dəvət olunmasını, bu qanun üzərində ardıcıl olaraq iş getməsini təmin edib.
Qanunda əsas anlayışlar verilir. Əsas anlayışlar içərisində ənənəvi anlayışlar var – teatr nədir, teatr fəaliyyəti nədir, teatr tamaşası nədir, səhnə əsəri nədir. Bu ənənəvi anlayışlar izah olunur. Quruluşçu rejissor kimdir, ümumiyyətlə, quruluşçu yalnız rejissor olmur, baletmeyster də ola bilər, rəssam da ola bilər. Bu qanuna daxil olan əsas yeni anlayış prodüser anlayışıdır. Yəni biz teatrı modern səviyyəyə, bugünkü ictimai, mədəni münasibətlər səviyyəsinə qaldırmaqdan ötrü prodüser anlayışından istifadə etməliyik. Sənətə indi maliyyə vəsaitinin verilməsi xeyli problemlərlə bağlıdır. Yəni istənilən bir teatrın bir illik, iki illik fəaliyyəti maliyyələşdirilə bilər, amma bu maliyyə lazımi şəkildə istifadə olunmaya da bilər. Bunu təcrübədə biz görmüşük. Çünki burada subyektiv məqamların olması həmişə mümkün olacaq bir şeydir, çünki yaradıcılıq işi xeyli dərəcədə fərdi istedadla bağlıdır və xeyli dərəcədə də özünün subyektiv konyunkturası ilə birlikdə çıxış edir.
Teatrların fəaliyyəti bundan öncə “Mədəniyyət haqqında” Qanunla tənzimlənirdi. Orada mədəniyyətin ən müxtəlif sahələri, o cümlədən də teatrla bağlı müəyyən müddəalar var idi. Amma onu da qeyd etmək istəyirəm ki, bəzən hətta tamaşaların hazırlanması, tamaşanın verilməsi prosesinin özündə müəyyən mübahisələr meydana çıxırdı ki, bu da o qanunla tənzimlənə bilməz. Yəni tamaşanın sahibi kimdir məsələsi ortaya çıxanda bunun rejissormu, teatrın direktoru olması, aktyorlarla hər hansı bir münaqişənin meydana çıxması, baş rolun ifaçısının dəyişdirilməsi, müəllif ideyası ilə tamaşadakı ideya arasında, ya əsərin motivləri arasında fərqlər meydana çıxırsa, tamaşanın müəllifi ilə quruluşçu rejissoru arasında əsərin ideyası ilə, qoyulması ilə bağlı mübahisəli bir məsələ yaranırsa, bunu kim həll etməlidir? Yaxud tamaşanın təxirə salınmasını kim həll etməlidir? Bu qanunda bu münasibətlər tənzimlənir. Əslində, bizim teatrlarımızda həmişə belə münaqişələr olur. İndi bu münaqişələr inzibati qaydalarla yox, bu qanunla tənzimlənəcəkdir.
Qanun layihəsində teatrlara xeyli müstəqillik verilir. Əgər bir vaxtlar teatrın qazandığı vəsait dövlət büdcəsinə keçirilirdisə, indi artıq teatrın qanunvericilikdə nəzərdə tutulmuş yollarla qazandığı vəsait teatrın öz istifadəsinə verilir. Bu da teatrların inkişafı üçün müəyyən qədər imkanlar yaradır. Bədii materialdan istifadə texnologiyaları, səhnəyə qoyulan tamaşaların ideya və məzmun xüsusiyyətləri baxımından teatrlara tam sərbəstlik verilir. Teatr ancaq professionallıq və cəmiyyətə lazımlıq prinsipi ilə işləyir. Yəni teatrlara dövlət vəsaiti ilə kömək göstərilsə də, dövlət təzyiqi, siyasi təzyiq olmur.
Təbii ki, teatrların da öz vəzifələri var. Teatr tamaşaçıya professional iş təqdim etməlidir. Bu professionallığın, peşəkarlığın ideya-məzmun dolğunluğunun təmin olunması teatrın, tamaşanın ali prinsipidir. Yəni hər hansı teatr o zaman yaşaya bilər ki, həqiqətən, müasir dünyanın ideyaları səviyyəsində əsər təqdim etsin və bütün işinin inkişaf mexanizmini məhz bu professionallıqda görsün. Teatr yalnız bu şərtlə yaşaya bilər ki, sənətkarlıq xüsusiyyətləri təmin olunsun.
Prodüser anlayışına bu qanunda xeyli yer ayrılıb. Bu da təbiidir, çünki bu yeni anlayışdır. Biz Mədəniyyət Nazirliyində uzun illər bu sahəyə rəhbərlik edən təcrübəli kadrlarla, teatrların rəhbərləri ilə bu məsələləri müzakirə etdikdən sonra prodüser anlayışını buraya daxil etdik. Amma burada da yeni məsələlər ortaya çıxa bilər. Bu gün Azərbaycan teatrında prodüser nə dərəcədə fəaliyyət göstərə bilər, prodüser hansı geniş əlaqələr imkanlarına malik olmalıdır, bu əlaqələri tezliklə yarada biləcəkmi? Bu məsələlərdə yeni bir təcrübəyə bizim ehtiyacımız olacaq. Amma prodüser anlayışından imtina etmək mümkün deyil. Çünki tamaşalar artıq maliyyə dəstəyini yalnız dövlətdən almamalıdır. Teatr, ümumiyyətlə, incəsənətin müxtəlif sahələri maliyyə dəstəyini yalnız dövlətdən almaqla yaşaya bilməz. Teatr yalnız professional deyil, həm də cəmiyyətin qəbul edəcəyi, cəmiyyətin ala biləcəyi məhsul verməlidir. Bu xüsusiyyətlər də burada nəzərə alınıb. Bunun üçün də əsas əlaqələndirici işini prodüser görə bilər. Prodüserin müqavilələri, bir qayda olaraq, quruluşçu ilə və aktyorlarla ola bilər. Bu anlayışın meydana çıxması ilə teatrda yeni münasibətlər əmələ gəlir. Yəni tamaşanın bütün taleyini prodüserlə bağlanan müqavilələr həll edir.
Qanun layihəsində teatrların idarə olunması, maliyyələşdirilməsi və teatr işçilərinin sosial problemləri də nəzərdə tutulur. Yəni teatr işçiləri xüsusi cəmiyyətlər yarada, xüsusi yaradıcılıq birliklərində birləşə bilərlər. Onların sosial təminatları üçün müəyyən imkanlar yaradıla bilər. Ümumiyyətlə, bu qanunu biz mükəmməl qanun hesab edirik. Bu, mütəxəssislərin fikridir. Lakin bundan sonra da hər hansı bir əməli təklif sürülərsə, biz, əlbəttə, məmnuniyyətlə lazımi düzəlişləri eləməyə hazırıq.
Sözümün sonunda bir məsələni də qeyd eləmək istərdim. Büdcənin müzakirəsi zamanı biz komissiya adından təklif irəli sürmüşdük. Mən o təklifi xatırlatmaq istəyirəm. Teatr Xadimləri İttifaqı ənənəvi bir qurum, yaradıcı təşkilatdır. Çox yaxşı olar ki, Oqtay müəllim, Teatr Xadimləri İttifaqı dövlət tərəfindən maliyyələşdirilsin ki, burada teatrların işinə müəyyən qədər nəzarət olsun. Qeyd edim ki, Azərbaycan Yazıçılar Birliyi, Azərbaycan Bəstəkarlar İttifaqı da dövlət tərəfindən maliyyələşdirilir. Teatr Xadimləri İttifaqı kiçik bir qurumdur, ona çox böyük maliyyə vəsaiti lazım deyil. Bu qədər. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə söz verək, sonra əsas kimi qəbul eləyərik. Əbülfəs müəllim, buyurun.
Ə. Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! İlk öncə mən nazirliyin adından bütün komissiya üzvlərinə dərin təşəkkürümü bildirmək istərdim. Çünki bu qanun layihəsi üzərində onlar çox gərgin və səmərəli iş aparmışlar. Bu qanun layihəsinin hazırlanmasına geniş ictimaiyyət və demək olar ki, Azərbaycanda fəaliyyət göstərən hər bir teatr, hər bir mütəxəssis cəlb olunmuşdu.
Bu gün Azərbaycan Respublikasında 28 dövlət teatrı, 6 özəl, 2 bələdiyyə və 45 xalq teatrı fəaliyyət göstərir. Bu sahədə çalışan insanların sayı 4 minə qədərdir. Sözsüz ki, yalnız dövlət teatrlarının fəaliyyəti dövlət tərəfindən qəbul olunmuş qanunlar çərçivəsində tənzimlənməlidir. Bütün müzakirələrdə bu qanunun yalnız müasir dövrü deyil, gələcəyi də nəzərdə tutan bir qanun olmasına xüsusi əhəmiyyət verilmişdir.
Biz ona görə bəzi bəndlər üzərində çox ciddi durduq və bu bizi cəmiyyətdə o qədər də geniş tətbiq olunmayan söz və ifadələrdən istifadə etmək məcburiyyəti qarşısında qoydu. Nizami müəllim bayaq xüsusi ilə vurğuladı ki, prodüserlik Azərbaycanda yeni peşədir. Bu gün dünyada prodüsersiz hər hansı bir teatr qastrolunun, hər hansı bir mədəni hadisənin baş tutması çox çətindir. Odur ki, bu anlayışın layihədə saxlanmasına və bu funksiyaların burada çox ciddi qeyd olunmasına xüsusi önəm verildi. Çünki növbəti illərdə Azərbaycanda prodüserlik fəaliyyətinin inkişafına biz nazirlik olaraq dövlət proqramları çərçivəsində xüsusi əhəmiyyət vermək niyyətindəyik.
İkinci məsələ. Bu gün baş verən yeniliklər bizi hətta bir neçə il bundan öncə qəbul olunmuş qanunlarda, o cümlədən “Mədəniyyət haqqında” Qanunda müəyyən dəyişikliklər etmək məcburiyyəti qarşısında qoyur. Misal çəkmək istəyirəm. Bu yaxınlarda büdcə haqqında qanunun müzakirəsi zamanı Milli Məclis tərəfindən “Mədəniyyət haqqında” Qanuna da müvafiq əlavələr qəbul olundu. Mən ona görə çox minnətdaram. Çünki bununla mədəniyyət sahəsində çalışan insanların dövlət büdcəsindən maliyyələşdirilməsi imkanları genişləndirildi. Bugünkü dəyişiklik isə qanunla icazə verilmiş vasitələrdən istifadə edərək mədəniyyətə əlavə gəlirlərin gətirilməsinə imkan açır.
Bu gün mən teatrların dövlət tərəfindən qayğı ilə əhatə olunmasını xüsusi qeyd etmək istərdim. Milli Məclis üzvlərinə, hörmətli millət vəkillərinə məlumat vermək istəyirəm ki, hörmətli cənab Prezident tərəfindən bizim qarşımızda bütün teatrların maddi-texniki bazasının gücləndirilməsi, genişləndirilməsi və müasirləşdirilməsi vəzifəsi qoyulmuşdur. Bakı şəhərində artıq üç teatr təmir işləri ilə əlaqədar hasara alınıb. Bu gün Gənc Tamaşaçılar Teatrı, Rus Dram Teatrı və Kukla Teatrı öz fəaliyyətlərini başqa binalarda, başqa səhnələrdə davam etdirirlər. Bu teatrların binalarında bir il yarım müddətində çox böyük yenidənqurma işləri aparılacaqdır.
Mən bu qanun layihəsində 19-cu maddəyə, yəni “Teatrların maliyyələşdirilməsi” maddəsinə millət vəkillərinin xüsusi diqqətini cəlb etmək istəyirəm. Bu gün mədəniyyət sahəsində çalışan insanların maaşı respublikada ən aşağı səviyyədədir və cənab Prezidentin bu yaxınlarda qəbul etdiyi qərar, yəni bu maaşların 25 faiz artırılması vəziyyəti bir qədər yaxşılaşdırdı. Amma bugünkü qanunvericiliyə görə biz dövlət olaraq teatrların maddi ehtiyaclarını heç də tam həcmdə ödəmək məcburiyyətində deyilik. 19-cu maddədə göstərilmiş müddəalar teatrlarda işləyən insanların hələlik aşağı səviyyədə də olsa, maaşlarının dövlət tərəfindən təmin olunmasına və eyni zamanda, qanuni surətdə əldə olunan əlavə gəlirlərin teatrların inkişafına yönəldilməsinə şərait yaradacaqdır. Qısaca olaraq sizə məlumat vermək istəyirəm ki, dünyanın heç bir ölkəsində heç bir dövlət teatrı yalnız öz qazancı ilə fəaliyyət göstərmir. Onlar hamısı dövlət tərəfindən maliyyələşdirilir və özü də tam həcmdə.
Bu yaxınlarda mən Fransa dövlət opera teatrlarının rəhbərləri ilə görüşdə öyrəndim ki, Fransanın iki dövlət opera teatrı – Qarnye və Bastilya opera teatrları külli miqdarda vəsait qazandıqlarına, çox böyük gəlirləri olduğuna baxmayaraq, Fransa hökuməti bu iki dövlət opera teatrına hər il 100 milyon avro maliyyə vəsaiti ayırır. Çünki bu teatrların yüksək səviyyədə təmin olunması dövlətin marağındadır. Çünki bu teatrlarda qoyulan tamaşalar cəmiyyətin mənəvi inkişafında, xalqın estetik tərbiyəsində böyük rol oynayır. Odur ki, mən millət vəkillərindən bu maddənin olduğu kimi saxlanılmasını xahiş etmək istərdim.
Ümumiyyətlə, teatrlarımızın növbəti illərdə rahat və yeni şəraitdə fəaliyyət göstərməsinin əsasını qoyan bu qanun layihəsi çox mükəmməl şəkildə hazırlanmışdır. Odur ki, mən millət vəkillərindən xahiş edərdim ki, bu qanun layihəsini dəstəkləsinlər. Mən fürsətdən istifadə edib, bu qanun layihəsinin hazırlanmasında iştirak eləyən Sosial siyasət daimi komissiyasının üzvlərinə, Milli Məclis Aparatının işçilərinə, bizim mütəxəssislərimizə və geniş ictimaiyyətə bir daha dərin təşəkkürümü bildirmək istərdim. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, bu, qanun layihəsinin ikinci oxunuşudur. Bilirsiniz ki, ikinci oxunuşda biz qanun layihəsini əsas kimi qəbul eləməli və yalnız bundan sonra onun ya fəsil-fəsil, ya da ümumi müzakirəsini keçirməliyik. Əsas kimi qəbul olunmasına münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 13.33 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Keçirik müzakirələrə. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən keçən dəfə büdcə müzakirəsində menecer işi barəsində çox mühüm bir məsələni diqqətinizə çatdırdım. Çox arzu edərdim ki, bir çox qanunlarımızda məhz bu qanundakı kimi menecer işi həyata keçirilsin. Qanunun bütün maddələri, belə demək mümkündürsə, zərgər dəqiqliyi ilə işlənilibdir və mən buna görə bu qanunun üzərində işləyən hər bir kəsə öz təşəkkürümü bildirirəm. Bu qanunun əhəmiyyətinə gəlincə, hər birimiz çox gözəl bilirik ki, istənilən inkişaf etmiş ölkədə teatr ideoloji alətdir və elə ona görə də bayaq Əbülfəs müəllimin dediyi kimi, dövlət tərəfindən maliyyələşdirilir.
Mən xüsusi ilə maddə 9, maddə 11, maddə 14, maddə 22 və maddə 19-u qeyd eləmək istərdim. Bu qanunun bütün qanı, canı demək olar ki, bu maddələrin içərisindədir. Maddə 9-a əsasən iqtisadi sahədə teatrların hüquqları güman edirəm ki, məhz Azərbaycan reallıqları nəzərə alınmaqla müəyyənləşdirilmişdir. Sadəcə, maddə 11.2.3-də yaş məhdudiyyəti məsələsi mənim üçün anlaşılmaz qaldı. Maddə 14 müasir həyatımızla səsləşən bir maddədir və burada prodüserlərin fəaliyyəti üçün nəzərdə tutulan bütün məqamlar nəzərə alınmışdır. Maddə 22-də beynəlxalq əməkdaşlıq məsələləri öz əksini tapmışdır. Bu maddə həm Azərbaycanın daxilində digər ölkələrin teatrlarının fəaliyyətini, həm də Azərbaycandan xaricdə Azərbaycan teatrlarının fəaliyyətini tənzimləyir. Güman edirəm ki, artıq bu maddəni həyata keçirən bizim Üns Teatrı kimi teatrlarımızın yaradılması Azərbaycanın teatr məkanında çox mühüm hadisələrdən birinə çevrilə bilər. Maddə 19-da bələdiyyə və özəl teatrlarla bağlı məsələ mənim daha çox diqqətimi cəlb etdi.
Mən bu gün imkandan istifadə eləyib Azərbaycanımızın yeganə bələdiyyə teatrı olan Bakı Bələdiyyə Teatrı haqqında bir neçə fikrimi qeyd eləmək istərdim. Açığı, mən bu gün Azərbaycan reallıqlarında, Qarabağ probleminin yaşandığı bir ölkədə cəbhə bölgələrində çalışan və Azərbaycanın vətənpərvərlik ruhunu qaldıran bələdiyyə teatrı kimi ikinci bir teatr hələ ki, görmürəm. Bu gün təəssüflə demək istəyirəm ki, teatrın maddi-texniki bazası bir o qədər ürəkaçan deyildir. Nəzərə alaq ki, Bələdiyyə Teatrının rəhbəri Amalya Pənahova, bizim həmkarımız, – ona keçmiş millət vəkili demək olmaz, millət vəkili hər zaman millət vəkilidir, – Azərbaycanın dahi aktrisalarından biridir və mərhum Prezidentimiz, ümummilli liderimiz Heydər Əliyev ona bu sahədə hansı hörməti göstərmək mümkündürsə, hər birini göstərmişdir. Güman edirəm ki, bu gün Amalya xanımın Bakı Bələdiyyə Teatrı ilə bağlı hələ ki, yerinə yetirilməmiş bir arzusu var, o da bu teatrda müəyyən maddi-texniki məsələlərin həyata keçirilməsidir. Güman edirəm ki, inşallah, yaxın vaxtlarda bu sahədə artıq müəyyən addımlar atılacaqdır.
Teatr həyatında və ümumiyyətlə, Azərbaycanın mədəni həyatında başlayan intibah dövrünü xüsusi qeyd eləmək lazımdır. Güman edirəm ki, bu qanun həmin o intibah dövrünün əsasını, özülünü qoyan məqamlardan biridir və onun uğurla həyata keçirilməsi nəticəsində Rusiyada və bütövlükdə Avropada yaşanan teatr bumu tezliklə Azərbaycanda da yaşanacaqdır. Mən bu qanunu çox bəyənirəm, ona səs verəcəyəm və həmkarlarımı da ona səs verməyə çağırıram. Təşəkkür edirəm.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Valeh müəllim, buyurun.
V. Ələsgərov. Çox sağ olun, Ziyafət müəllim. Mən, ola bilsin ki, teatr haqqında qanunla əlaqədar çıxış eləməzdim. Amma bizim qanunvericilik fəaliyyətimizdə hər halda mənim xoşuma gəlməyən bəzi hadisələr burada yenə təkrar olunduğuna görə mən məcburən çıxış eləyirəm. Nizami müəllimlə biz bu qanun layihəsini birinci oxunuşa çıxarmamışdan qabaq bir 3 saata yaxın oturduq, danışdıq, söhbətləşdik və mənim bəzi qeydlərim burada öz əksini tapdı.
Mən Milli Məclisin bir üzvü kimi burada bəzi məqamlara toxunmaq istəyirəm. Maddə 1. Əsas anlayışlar. Mənim fikrimcə, başqa qanunvericilik aktlarında olduğu kimi, burada da bir balaca qatma-qarışıqlıq var. Teatr anlayışını veririk. Yazılıb: “müvafiq maddi-texniki bazaya malik olan, teatr tamaşaları və digər teatr quruluşları yaradan və canlı ifada kütləvi nümayiş etdirən müəssisə.” Sonra gəlir “teatr təşkilatı - əsas məqsədi teatrların, habelə teatrda çalışan yaradıcı və digər işçilərin fəaliyyətini təmin edən hüquqi şəxs”. Əgər teatr anlayışını ondan sonra yazsaydıq, mənim fikrimcə, hüquqi cəhətdən bu daha düzgün olardı.
Bəzi xarici sözlərə toxunmuram. Ancaq bileti realizə etmək, nə bilim… Bir balaca kənddə böyümüş adam kimi bunu nə isə qəbul eləyə bilmirəm. Amma ola bilsin, dünya o qədər irəli gedib ki, bileti realizə etmək teatrlarda indi beynəlxalq prinsiplərə uyğun şəkildə aparılacaqdır.
Bir də ki, ən vacib məsələ. Keçən səfər dərmanın dövriyyəsi idi, nə idi, mən Musa müəllimə sual verdim. Ondan qabaq da bir neçə qanunvericilik aktını müzakirə edəndə bu sualları vermişəm. Qanunu hazırlayanda dövləti kim nə qədər bacarır, o qədər də yükləməyə başlayır. Bir tərəfdən deyirik ki, bazar iqtisadiyyatı, cürbəcür mülkiyyət formalarının inkişafı, mülkiyyət formalarından asılı olmayaraq fəaliyyət növlərinin inkişafı, o biri tərəfdən də dövlətin vəzifələri. Kimsə də misal gətirdi, satıcı keyfiyyətsiz dərmanı satıb, xəstə zəhərlənib. O, qanunda yazıldığı kimi, dövləti sürüyüb aparar düz Strasburqa qədər.
Üzr istəyirəm, dövlət siyasətinin əsas prinsiplərindən biri kimi yazırsınız ki, dövlət hər bir vətəndaşın teatr sənəti və teatr yaradıcılığından bəhrələnmək hüququnu təmin etməlidir. Amma mən başa düşmürəm ki, necə. Elə həmin maddədə teatr fəaliyyəti sahəsində dövlət siyasətinin daha bir prinsipi göstərilir. Xahiş edirəm, fikir verin: ”İstedadın milli sərvət kimi tanınması və onun gerçəkləşməsi üçün şəraitin yaradılması.” İstedad nədir? Oxumaq istedadı var, rəssamlıq istedadı var və sair. Səsi qoruyum, oxumağı qoruyum, yoxsa şəxsi qoruyum? Mənim fikrimcə, hüquqi fərq var, istedadın qorunması, istedadlı şəxsin qorunması və ya onun dəstəklənməsi, ona yardım edilməsi.
Ya da “qastrol və səyyar tamaşaların müştərək teatr layihələri və proqramları həyata keçirmək üçün digər...” Mən başa düşürəm ki, söhbət tək səhnədən getmir. Amma hüquqi cəhətdən sabah mən gəlib dövlət məmuru olaraq teatr direktorunun boğazından tutaram ki, qardaş, qanunda yazılıb, səhnəni verə bilərsən, binasını verə bilərsən, binasının bir hissəsini də verə bilərsən. Sonrakı cümlələrdə yazılıb, avadanlığını da verə bilər, başqa teatr ləvazimatını da verə bilər, aksesuarları və sair. Deməli binanı, binanın ayrı-ayrı hissələrini, o cümlədən səhnəni. Mən nəyə gətirib çıxarmaq istəyirəm. Qanunu hazırlayan işçi qrupu bütün bunlara hüquqi nöqteyi-nəzərdən yanaşsın. Hər bir hüquqi sənədin arxasında hüquqşünas durmalıdır. Hüquqi sənədin qəbul edilməsindən doğan nəticəyə fikir vermək lazımdır. Hüquqi cəmiyyət qururuqsa, sabah bu hüquqdan istifadə eləyənlər də olmalıdır və olacaq da.
Bir də ki, yenə də hüquqi cəhətdən eyni anlayışı cürbəcür sözlərlə ifadə eləyirik. İcarə ilə kirayənin arasında fərq nədən ibarətdir? Fərq varsa, bunu göstərmək lazımdır, yoxdursa, yəqin ki, bir anlayışdan istifadə eləmək lazımdır.
Teatrların infrastrukturunun, teatr şəbəkəsinin, ilk növbədə uşaq teatrının inkişafı üçün şəraitin yaradılması. Xahiş edirəm, hüquqi cəhətdən bu cümləyə fikir verin: “güzəştli qiymət siyasəti yeridən teatrlara dotasiyalı və məqsədli maliyyə yardımının ayrılması.” Bu müddəa dövlət teatrına aiddirsə, mən onunla razıyam. Onda bu cümlə bir az başqa cür yazılmalıdır. Yox, əgər söhbət şəxsi mülkiyyətdə olan teatrdan gedirsə, ona başqa münasibət olmalıdır. Deyək ki, kimsə öz kefinə görə teatr yaradıb, biletin qiymətini yazır 200 dollar, sonra deyir ki, 100 dollara satıram, bu, güzəştli qiymətdir, gəlin mənə yardım eləyin, fərqini verin, yoxsa məhkəməyə gedirəm.
Bir də ki, işçi qrupundan bir xahişim də var. Azərbaycan sözləri ilə xarici sözləri qarışdırmayın. Məsələn, yazırsınız: “dotasiyaların və məqsədli maliyyə yardımının ayrılması”. İndi mən soruşuram: “dotasiya” nədir, “məqsədli maliyyə yardımı” nədir? Bunların arasındakı fərqi kim izah edə bilər? Xahiş edirəm, bunları nəzərə alasınız. Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.
F. Mustafayev. Çox sağ olun. Hörmətli millət vəkilləri və hörmətli qonaqlar! Bu qanunun birinci oxunuşunda biz konseptual təkliflərlə çıxış etmişdik. Təbii ki, bunların əksəriyyəti burada əks olunmayıb. Amma mən hesab edirəm ki, bu qanunun qəbulu teatr sahəsində fəaliyyətin mükəlləşməsinə xidmət eləməyəcək. Mən bir qədər pessimistəm. Mənim fikrimcə, teatrın təşkilati, inzibati strukturu və teatrın mahiyyətinə bizim münasibətimiz dəyişməyincə bu sahədə əsaslı bir dəyişiklik olmayacaq. Yəni kimsə akademik teatrda rejissordan küsüb, yeni bir teatr yaradıb, yaxud kimsə dövlət səviyyəsində dəstəklənərək, eyni adda, eyni məzmunda teatr yaradıb. Məncə, bunların bir qismi birləşdirilə və daha yüksək maaşla vahid, daha professional teatr yaradıla bilər.
Azərbaycanda Şuşa teatrı, İrəvan teatrı, Lənkəran teatrı – heç biri faktiki fəaliyyət göstərmir, yəni bunları birləşdirmək, adları üzərində də düşünmək lazımdır. Akademik, milli, bələdiyyə, müxtəlif adlar var. Mənə elə gəlir ki, Azərbaycanda teatrları qanunda nəzərdə tutulan qaydada ya dövlət teatrı, ya özəl teatr, ya da bələdiyyə teatrı adlandırmaq daha məqsədəuyğundur. Bu qanunda akademik və milli teatrların fərqi göstərilib. Amma onların işçilərinə əlavə əmək haqlarının ödənilməsi qanunda əks olunmayıb. “Mədəniyyət haqqında” Qanunda bu var idi, amma əgər biz Teatr və teatr fəaliyyəti haqqında qanun qəbul ediriksə, mütləq teatrın statusu bu qanunda əksini tapmalıdır. Akademik teatr adı hansı keyfiyyətlərə görə verilir, Milli teatr adı hansı keyfiyyətlərə görə verilir – bütün bunların burada göstərilməsi, məncə, daha məqsədəuyğundur.
Preambulada göstərilir: “...teatrlara dövlət qayğısının formalarını müəyyən edir.” Məncə, burada “…dövlət-teatr münasibətlərini müəyyən edir” yazılmalıdır. Bilirsiniz, “qayğı” sözü çox işlənir. Ananın uşağa qayğısı və sair. Bu, hüquqi yanaşma deyil. Münasibətin içində qayğı da nəzərdə tutulur.
Mən Valeh müəllimin o fikri ilə razıyam ki, teatr fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsiplərinə aid 4-cü maddədə “istedadın milli sərvət kimi tanınması və onun gerçəkləşməsi üçün şəraitin yaradılması” prinsipi qeyri-müəyyən və necə gerçəkləşməsi müəyyən olmayan bir şeydir. Dövlət teatra hansı maddi dəstək verə bilər? Yəni hər şey daha çox bunun üzərində qurulmalıdır, mücərrəd anlayışlar keçmir. Həmin maddədə “teatrlara dövlət qayğısı” bəndinin saxlanmasının da əleyhinəyəm.
2.2-ci maddədə göstərilir ki, bu qanun müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliklə tənzimlənən münasibətlərə şamil edilmir. Bu qanun ona şamil edilmir, amma qanunvericilik bu qanuna şamil edilir. Qanunun mükəmməlliyi onunla bilinir ki, onda blanket normalar az olur, başqa qanuna göndərmə az olur. Ona görə bizim də həmin qanundan köçürməni ora salmağımızın heç bir mənası yoxdur.
5.2.2-ci və 5.2.7-ci maddədə oxuyuruq: “müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyə uyğun şəkildə…” Yəni birincidə bu qanunun başqasına şamil olunmasından imtina edirik, ikincidə həmin qanuna uyğunlaşdırıb burada onu təkrar edirik. Məncə, bu təkrara da baxılması vacibdir. Digər tərəfdən 5.2.6-cı maddədə yazılıb: “…Həyata keçirilməsi üçün öz səhnələrinin digər teatrlara icarəyə və istifadəyə verilməsi.” Məncə, səhnə icarəyə verilmir. Ya teatr verilir, ya teatrın razılaşdırılmış bir hissəsi verilir. O teatrın bir hissəsi də səhnədir. Səhnə verilirsə, orada otaq da nəzərdə tutulur. 5.2.8-ci maddədə kostyum, ayaqqabı, əlbəsə, butafor, rekvizit və sair ləvazimatlar sadalanır. Bunu “müxtəlif geyim əşyaları” sözləri ilə əvəz eləmək daha məqsədəuyğun olar. Çünki burada nəzərdə tutulmayan geyim əşyaları da ola bilər.
6.1.8-ci maddədə dövlətin teatrlara dəstəyində ”kütləvi informasiya vasitələrində teatr sənətinin təbliği” də göstərilir. Faktiki olaraq dövlətin əlində kütləvi informasiya vasitəsi yoxdur. Dövlət necə öhdəlik götürə bilər ki, mən müstəqil olan KİV-lərdə bunu təbliğ edəcəyəm? Rəsmi dövlət qəzetində, yaxud televiziyasında hansısa rəsmi sənədlər, rəsmi məlumatlar verilir. Bu baxımdan hesab edirəm ki, bu müddəalar burada artıqdır.
20.5-ci maddədə göstərilir ki, akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına əlavələr müvafiq olaraq 100, 40 və 20 faiz müəyyən edilir. Məncə, burada bir rəqəm üzərində durmaq lazımdır. Çünki Azərbaycanda, deyək ki, akademik teatrın rejissoru, yaxud artisti milli teatrın rejissoru və ya artistindən fərqləndirici göstəricilərə malik deyil. Ona görə burada hamı üçün eyni faizin müəyyən olunması vacibdir.
19.3-cü maddədə göstərilir ki, teatr sənəti üzrə tədqiqatların aparılması dövlət büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Bu cümləyə, məncə, könüllü ianələr də salınmalıdır ki, dövlət köməklik eləmədiyi hallarda bu yardımlar edilsin.
Çıxışımın sonunda məsuliyyət məsələsinə toxunmaq istəyirəm. 23-cü maddədə deyilir ki, bu qanunu pozanlar məsuliyyət daşıyırlar. Məncə, burada teatrların da məsuliyyəti nəzərdə tutulmalıdır. Teatr bir xidmət sahəsidir. Teatr əhaliyə yaxşı xidmət etmədikdə, tamaşaçını aldatdıqda, ona keyfiyyətsiz tamaşa təqdim etdikdə bəs nə olacaq? Onda xəbərdarlıq və ya fəaliyyətin müvəqqəti dayandırılması nəzərdə tutulmalıdır. Üstəlik iki ildən və ya bir ildən artıq tamaşa göstərməyən teatrların fəaliyyəti gündəmə gətirilməlidir ki, kimlərsə teatr binasını əlində saxlayıb uzun illər oradan kommersiya məqsədilə istifadə etməsin, teatra sənətin inkişafı yeri kimi baxılsın. Diqqətinizə görə sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Hüseynbala Mirələmov.
H. Mirələmov. Doğrudan da, teatr milli ideologiya və mənəviyyatımızın, ictimai şüurumuzun formalaşmasında çox mühüm rol oynayan sənət sahəsidir. Bu baxımdan mən hesab edirəm ki, bu hətta gecikmiş bir qanundur. Çünki ictimai ideologiya, milli ideologiya yüksək səviyyədə olmayanda iqtisadiyyat da, başqa sahələr də, demək olar ki, yüksək səviyyədə olmur. Mən hörmətli Nizami müəllimə çox minnətdaram ki, belə bir qanunu vaxtında ərsəyə çıxarıb. Mən bu qanunu bir neçə dəfə oxumuşam. Müəyyən qeydlərim, suallarım var.
Birinci, burada Milli Akademik teatrından söhbət gedir. Biz bilirik ki, yaxın vaxtlarda hörmətli Prezidentimizin sərəncamı ilə dənizkənarı parka milli park adı, bir neçə qoruğa milli qoruq adı verildi. Mən bilmək istəyirəm, Milli Akademik Dram Teatrına milli adı hansı dövrdə verilib? Prezidentin sərəncamı olubmu ki, bu, milli dram teatrıdır? Bu Milli Dram Teatrı ilə başqa teatrlar, məsələn, Lənkəran teatrı, Naxçıvan teatrı, Ağdam teatrı arasında, yəni milli teatrla o biri teatrlar arasında nə fərq var? Mən onların statusu haqqında bilmək istəyirəm. Hörmətli nazirimiz də buradadır. Hesab edirəm ki, mənim bu sualıma müzakirələrin axırında cavab verərlər.
Sonra, mən bir neçə qeydimi də demək istəyirəm. 4.0.1-ci maddə. “Hər bir vətəndaşın teatr sənəti və teatr yaradıcılığından bəhrələnmək hüququnun təmin olunması”. Məncə, bu bir az mücərrəd yazılıb. Azərbaycanda hər hansı bir vətəndaş teatra getmək istəyirsə, gedir. Yəni mən bu gün teatra getmək istəyirəmsə, biletimi alıb teatra gedə bilərəm. Mən bunu belə başa düşürəm. İşçi qrupundan xahiş edirəm ki, bunu növbəti dəfə müzakirəyə çıxaranda bu məsələyə fikir versin. Sonra, 4.0.5 “teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması”. Düzü, mən bu fikri başa düşmədim.
Maddə 5.2.2-də mücərrədlik var. Mən onu ixtisar eləmişəm. Belə təklif edərdim: “müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında qanunvericiliyə uyğun olaraq hüquqi və fiziki şəxslərlə müqavilə əsasında televiziya və radioda nümayiş olunmaq, kino, video və digər daşıyıcılara çəkilmək üçün teatr tamaşalarının, konsertlərin hazırlanması.” Burada “müqavilə əsasında” sözləri “müqavilə bağlamaqla” sözləri ilə əvəz olunsa, daha yaxşıdır. Burada həmin 5.2.2-də “qastrol fəaliyyəti” əvəzinə “qastrol səfəri” yazmaq daha yaxşı olardı.
“İqtisadi sahədə teatrların hüquqları” adlı 9-cu maddədə deyilir ki, mülkiyyət formasından asılı olmayaraq teatrların dövlət və yerli özünüidarəetmə orqanlarının elan etdiyi müsabiqələrdə iştirak etmək hüququ var və onlar teatr biletlərinin qiymətlərini sərbəst müəyyən edirlər. Hər hansı bir müəssisənin, o cümlədən hər hansı bir teatrın özünün əsasnaməsi var. Onu nazir təsdiq edir. Mən hesab edirəm ki, bu iki müddəa o əsasnaməlikdir. Yəni bu müddəalar, yəqin ki, teatrın əsasnaməsində yazılıb və o əsasnaməni də nazir təsdiq eləyib. Mən hesab edirəm ki, bu, qanuna düşməsə daha yaxşıdır.
13.3-cü maddə “aşağıdakı hallarda məhrum edilə bilər” sözləri ilə bitir. Mən, ümumiyyətlə, qanunlarda “bilər” sözünün əleyhinəyəm. Ya olmalıdır “hə”, ya da olmalıdır “yox”. Qanunda “edilə bilər” sözləri mənə çatmır.
Maddə 20. ”Yaradıcı teatr peşə işçiləri və onların əməyinin ödənilməsi.” “Yaradıcı teatr peşə işçiləri” sözləri mənə bir az çatmır. Hesab edirəm ki, bu sözləri “teatrın yaradıcı kollektivi” sözləri ilə əvəz eləsək, daha yaxşı olar. 20.2-də də “teatr peşə işçiləri” sözləri ”teatrın yaradıcı kollektivi” sözləri ilə əvəz olunsa, daha yaxşıdır. Ümumiyyətlə, mən burada da “müəyyən oluna bilər”, “əlavələr oluna bilər” sözlərinin əleyhinəyəm. Orada konkret yazılmalıdır. 20.5-ci maddədə isə yazılıb: ”Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına əlavələr müvafiq olaraq 100, 40 və 20 faiz müəyyən edilir.” Mən hesab edirəm, bunu zaman diqtə eləməlidir. Əgər biz bu gün qanun qəbul ediriksə, bu qanunun ömrü 5 il, 10 il olmamalıdır. Bu gün 100, 40, 20 faizdirsə, bir ildən sonra bunu iki-üç dəfə artırmaq imkanımız ola bilər. Mən hesab edirəm ki, burada konkret rəqəm yazmaq düz deyil. İqtisadi durum dəyişdikcə zaman özü diqtə edəcək ki, bunu hansı miqdarda yazmaq lazımdır.
Sonra, burada pensiya haqqında yazılır. Məlumdur ki, hər bir Azərbaycan vətəndaşının pensiya hüququ var. Pensiya almaq hüququnu bu qanuna salmaq artıqdır. Çünki Azərbaycan vətəndaşlarının pensiya hüququ xüsusi qanunda öz əksini tapıb. Bu sözləri sığorta barədə də demək olar. Çünki məcburi sığorta haqqında qanun var və o qanun teatr xadimlərinə də şamil olunur.
Ümumiyyətlə, mən bu qanun layihəsini tam dəstəkləyirəm. Əlbəttə, dediklərim hamısı xırda, texniki düzəlişlərdir. İşçi qrupu, yəqin ki, bunu işləyəcək. Mən həmkarlarımı da bu qanuna səs verməyə çağırıram.
Sədrlik edən. Hüseynbala müəllim, Sizin dedikləriniz çox ciddi iradlardır, texniki məsələ deyil. Saat 4-ə qədər fasilə.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Müzakirələri davam etdiririk. Nizami Xudiyev.
N. Xudiyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! 7 fəsil 24 maddədən ibarət olan bu qanun layihəsi çox mükəmməl şəkildə işlənmiş, cilalanmış şəkildə bizə təqdim olunmuşdur. İndi bizə məlum oldu ki, bundan əvvəl teatr və teatr fəaliyyəti bu və ya digər şəkildə “Mədəniyyət haqqında” Qanunla tənzimlənirdi. Lakin teatr fəaliyyəti haqqında ayrıca bir qanuna çox ciddi ehtiyac vardı və çox yaxşı ki, belə bir mükəmməl qanun nəhayət, işlənib hazırlanıbdır.
Keçən dəfə bu qanun layihəsini biz aprel-may aylarında müzakirə etdik. O müzakirələrdən sonra keçən 5-6 ay müddətində qanun layihəsi üzərində bir daha çox mükəmməl şəkildə işlənib və o daha da təkmilləşdirilibdir.
Burada bir məsələyə xüsusi toxunmaq istərdim. Azərbaycanda teatr sənəti həmişə diqqət mərkəzində olmuşdur. Azərbaycan teatrı 1873-cü ildə yaradılmış və 1919-cu ildə, demokratik cümhuriyyət dövründə ona dövlət statusu verilmişdir. Sovet dövründə də Azərbaycan teatrı çox sürətlə inkişaf etmiş və böyük müvəffəqiyyətlər qazanmışdır. Ona görə də o ənənələri inkişaf etdirmək, onlardan istifadə etmək lazımdır. Azərbaycan teatr xadimləri Orta Asiyada, Dağıstanda, Türkiyədə teatrın yaradılmasının təşəbbüskarlarından olmuşlar.
Burada əsas diqqəti bir məsələyə yönəltmək istəyirəm. İndi Nizami müəllim də öz çıxışında bu məsələyə toxundu. Doğrudan da, bu qanunun qəbul edilməsi birinci növbədə nə üçün lazımdır? Birinci növbədə onun üçün lazımdır ki, Azərbaycanın teatr potensialını, böyük bir ənənəni qoruyub saxlayaq. İkinci bir tərəfdən bazar iqtisadiyyatı şəraitində teatrı yaşatmaq lazımdır. Üçüncü mühüm cəhət bu sənət sahəsində peşəkarlığı müdafiə etmək və istedadları yüksək dəyərləndirməkdən ibarətdir. Bütün bunlar ondan ötrü lazımdır ki, başqa sahələr kimi bu mədəniyyət sahəsi də çox mükəmməl və geniş şəkildə inkişaf etsin. Düzdür, 80-ci illərin axırı, 90-cı illərin əvvəllərində Azərbaycanda teatr tamamilə tənəzzülə uğramaq üzrə idi. Nəhayət, Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra yenidən çiçəklənmə başladı və bu günün özündə də dövlət tərəfindən Azərbaycan teatrına böyük qayğı göstərilir.
Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsi ölkə ərazisində fəaliyyət göstərən teatrların və teatr fəaliyyəti ilə məşğul olan digər təşkilatların fəaliyyətini tənzimləmək baxımından çox mühüm bir sənəddir. Məlumdur ki, teatr hər bir xalqın mədəniyyətinin mühüm və hər zaman qayğıya ehtiyac duyan bir sahəsidir. Təqdim olunan layihədə bu sahə ilə bağlı bütün məsələlər nəzərə alınmışdır.
Lakin mənim də müəyyən qeydlərim vardır. Teatrların beynəlxalq əməkdaşlıq məsələsinə həsr olunmuş 22-ci maddədə göstərilir ki, Azərbaycan Respublikasının ərazisində xarici ölkələrin teatrlarının filialları, yəni mərkəzləri yaradıla və fəaliyyət göstərə bilər. Mən təklif edirəm ki, bu maddəyə Azərbaycan teatrların da xarici ölkələrdə filiallarının yaradıla və fəaliyyət göstərə bilməsi barədə əlavələr edilsin. Məncə, burada göstərmək olar ki, bizim teatrlara müəyyən maliyyə köməkliyi göstərməklə xarici dövlətlərdə onların filiallarını yaratmaq Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin vəzifəsidir və bunun üçün də müəyyən təşəbbüslər göstərmək lazımdır.
Burada bir məsələyə də toxunmaq istəyirəm. “Quruluşçu” sözü haqqında indi Nizami müəllim, həqiqətən, çox doğru dedi, teatr sahəsində bu söz çox mübahisəlidir. Çünki burada quruluşçu deyəndə həm rejissor, həm baletmeyster, həm də rəssam nəzərdə tutulur. Təzə bir anlayış əlavə olunur – “prodüser”. “Prodüser” sözü burada teatr tamaşalarını maliyyələşdirən hüquqi və ya fiziki şəxs mənasında işlənir. Keçən dəfə müzakirədə deyildi ki, teatr, əsasən, dövlət tərəfindən maliyyələşdirilir. Hər bir tamaşanı müəyyən bir şəxs, müəyyən bir təşkilat maliyyələşdirə bilər. Prodüser maliyyələşdirməni bu də ya digər şəkildə ancaq tənzimləyə bilər. Teatrın maliyyələşdirilməsində başlıca rolu isə ancaq dövlət oynamalıdır.
15.2-ci maddədə deyilir: “Quruluşçu teatr tamaşasını təhriflərdən qorumaq hüququndan istifadə edərək, onun ilkin bədii həllinin bərpa edilməsi məqsədi ilə teatr tamaşasının kütləvi nümayişinin dayandırılmasını tələb edə bilər”. Yəni həm rejissor, həm baletmeyster, həm də rəssam bunu tələb edə bilər. 15.3-cü maddədə isə yazılır: “Prodüser tamaşanın ilkin bəddi həllinin bərpası ilə bağlı işləri görməkdən imtina edərsə, quruluşçu öz adını proqramlardan, reklam nəşrlərindən, afişalardan və digər informasiya materiallarından çıxarılmasını tələb edə bilər”. Mənim üçün aydındır, teatr sahəsində bir az ağır olduğuna görə məsuliyyət bunların arasında bölüşdürülübdür. Amma burada konkretlik olmadığına görə çox ola bilər ki, bu mübahisə sonradan davam etsin.
Bu layihədə uğurlu cəhətlərdən biri ondan ibarətdir ki, teatrın qazandığı vəsait onun öz ixtiyarına verilir. İkinci mühüm xüsusiyyət ondan ibarətdir ki, teatra sərbəstlik verilir. Bu çox böyük uğurdur. Ancaq burada gözəl bir təklif oldu ki, Teatr Xadimləri İttifaqı da dövlət tərəfindən maliyyələşdirilsin. Teatr kommersiya təşkilatı deyil. Ona dövlət qayğısı və dövlət maliyyəsi çox vacibdir. Bunu diqqətdən qaçırmaq olmaz.
Bir məsələyə də diqqət yetirmək, məncə, çox vacibdir. Sovet dövründə olan müəyyən uğurları, nailiyyətləri qoruyub inkişaf etdirmək lazımdır. Yəni teatrlara kollektiv gedişləri, ali məktəb və texnikum tələbələrinin, idarə və müəssisə işçilərinin teatrlara yenə də kollektiv gedişlərini təşkil etmək teatrın inkişafı üçün çox yerinə düşər. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.
A. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirə olunan qanun layihəsi Azərbaycanın hər bir vətəndaşının bu və ya digər formada formalaşmasında və zənginləşməsində özünəməxsus rola və yerə malik olan bir layihədir. Bu baxımdan da bizim həmkarlar çox dəyərli təkliflərlə çıxış etdilər.
Mən də bir neçə məsələyə münasibət bildirmək istəyirəm. Əvvəla, onu deyim ki, qanun layihəsi çox hərtərəfli hazırlanıbdır. Yeni müddəalar xüsusilə önəm kəsb edir - teatr müstəqilliyindən tutmuş əldə etdiyi vəsaitin üzərində sərəncamçı hüququnun tanınmasına qədər. Bunlar çox yaxşıdır. Bu gün teatrlarda olan vəziyyət bizi həm bir millət vəkili, həm də bir vətəndaş kimi maraqlandırır və bu sahədə əldə olunan uğurlar bizi sevindirir. Xüsusi ilə təqdirəlayiq haldır ki, artıq Azərbaycan tamaşaçıları yavaş-yavaş teatrlara qayıdır və teatrlarda çox maraqlı tamaşaları seyr edirlər. Bu işdə ən mühüm yük, ən böyük fədakarlıq məhz bizim aktyorların və teatr rəhbərliyinin üzərinə düşür. Kiçik maaşla, az təminatla, bu qədər çox problemlərlə qarşı-qarşıya duran aktyorlarımız bu gün çox böyük bir fədakarlıq nümayiş etdirir və teatrı ölməyə qoymur, onu yaşadır. Bu baxımdan qanun layihəsi çox məntiqlidir və yerində təqdim olunan bir layihədir.
Bununla yanaşı, mən bu qanun layihəsi ilə bağlı bəzi təkliflərimi vermək və bəzi suallarıma cavab almaq istəyirəm. 1.0.1-ci maddədə teatrın anlayışı verilir və burada teatr müəssisə kimi təsbit olunur. Ancaq qanunda teatr təsisatı ilə bağlı müəyyən bir boşluq var. Burada bəlli olmur ki, teatr hansı formada və kimlər tərəfindən təsis oluna bilər, ümumiyyətlə, bunun hüquqi statusu nədən ibarətdir.
Qanunun 18-ci maddəsində göstərilir ki, teatrın idarə edilməsi təsisçinin vəzifəyə təyin etdiyi direktor tərəfindən həyata keçirilir. Amma təsisçi barədə heç bir məlumat yoxdur. Mənə elə gəlir ki, bu, hüquqi baxımdan öz həllini tapmalı və ümumiyyətlə, teatrın təsis olunması kimi onun ləğvi məsələləri də bu qanunda öz əksini tapmalıdır. Düzdür, teatrın ləğvi ilə bağlı fikir söyləmək bir az, ola bilsin, aqressiv səslənir, amma hər halda qanunvericilik texnikası baxımından hər bir hüquqi şəxsin təsisi ilə bağlı ləğvi də burada açıq şəkildə göstərilməlidir.
7-ci maddədə teatr işçilərinin ictimai birlikləri ilə bağlı müddəalar verilir. Mən istərdim, bu maddənin özündə bir dəyişiklik olunsun, buradan “dövlət qayğısı” sözləri çıxarılsın və 7-ci maddə “Teatr işçilərinin ictimai birlikləri” başlığı altında getsin. Burada “dövlət qayğısı” sözləri çox təkrarlanır və qayğının konkret nədən ibarət olduğu müəyyənləşmir.
Bunun davamı olaraq mən də həmkarlarıma qoşularaq bildirmək istəyirəm ki, bu gün, doğrudan da, teatr işçilərini özündə birləşdirən Teatr Xadimləri İttifaqının dövlət tərəfindən maliyyələşdirilməsinə böyük ehtiyac var. Dövlət büdcəsinin müzakirəsi zamanı biz bu məsələni qaldırdıqda hörmətli maliyyə nazirimiz Samir Şərifov dedi ki, bu sahədə hüquqi boşluqlar var. Bu gün qanunvericilikdə qeyri-hökumət təşkilatlarının və ictimai birliklərin dövlət tərəfindən maliyyələşdirilməsi haqqında bir müddəa yoxdur. Ancaq bir halda ki, bu qanun layihəsinə “Teatr işçilərinin ictimai birliklərinə dövlət qayğısı” adlı maddə əlavə olunub, elə bu başdan bu məsələni həll edək və həmin müddəanı bura əlavə edək.
Növbəti məsələ yenə ictimai birliklə bağlıdır. Bir halda ki bu birlik teatr işçilərinin birliyidir, demək, onun müəyyən səlahiyyətləri də olmalıdır. Bax bu gün ən çox müzakirəyə səbəb olan məsələ fəxri adlara və Prezident təqaüdlərinə namizədliklərlə bağlı təkliflərdir. Düzdür, ədalət naminə demək lazımdır ki, Mədəniyyət Nazirliyi bu istiqamətdə mənim müşahidə etdiyim qədər ədalətli mövqe tutmağa çalışır. Ancaq teatr işçiləri ilə bağlı məsələdə məhz teatr işçilərinin ictimai birliklərinə belə bir səlahiyyət verilsə, yaxşı olar. Ən azı bu məsələ Mədəniyyət Nazirliyi ilə birgə həll oluna bilər. Bunlar, təbii ki, ümumi xarakterli təkliflərdir. Mən də çox istərdim ki, bu gün teatrların maddi-texniki bazasının təkmilləşdirilməsinə dövlət qayğısı, dövlət yardımı artırılsın.
Xarici ölkələrdə fəaliyyət göstərən teatrlarla yerli teatrların əməkdaşlığı ilə bağlı müddəalara gəlincə, məncə, bu müddəalar elə formada təsbit olunmalıdır ki, həmin əməkdaşlıqdan qarşılıqlı şəkildə fayda götürülə bilsin, o cümlədən bizim teatrlar da bundan yararlana bilsinlər.
Mən bir daha bu qanun layihəsinin önəm daşıdığını qeyd etmək istəyirəm. Ümidvaram ki, bu layihə qəbul edildikdən sonra bizim teatr ictimaiyyətində, teatr sənətində yeni bir mərhələ açılacaq və bu gün qarşılaşdığımız problemlər öz həllini ali qanunvericilik səviyyəsində tapacaqdır. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.
R. Cəbrayılov. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə onu qeyd etmək istəyirəm ki, 130 ildən artıq tarixi ənənəsi olan Azərbaycan teatrı haqqında belə bir mükəmməl qanun layihəsinin hazırlanıb müzakirəyə çıxarılmasını mən alqışlayıram. Mən bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna səs verməyə dəvət edirəm.
Bu qanun layihəsi ilə bağlı mənim bir neçə təklifim var. 21.4-cü maddədə göstərilir: “Teatrlara qanunvericilikdə nəzərdə tutulmuş qaydada vergi güzəştləri və digər düzəlişlər edilə bilər”. Mən də hesab edirəm ki, teatrlara vergi güzəştləri edilməsinin ən yaxşı vaxtı elə indidir. Mənim fikrimcə, dövlət qayğısına, dövlət yardımına ən çox ehtiyacı olan mədəniyyət sahələrindən biri elə teatrdır. Teatrların bu gün maliyyə durumu hamımıza bəllidir. İstər maddi-texniki baza, istərsə də tamaşaçı qıtlığı ilə bağlı problemlər də sirr deyil. Mən hesab edirəm ki, bu gün teatrların vergidən azad edilməsi onlara dövlət yardımının ən yaxşı bir forması olardı. Allaha şükür, Azərbaycan büdcəsinin də bu gün teatrların ödəyəcəyi vergiyə elə bir böyük ehtiyacı yoxdur. Ola bilər, gələcəkdə Azərbaycan teatrı elə bir maliyyə durumuna malik olsun ki, onun vergiyə cəlb edilməsi zərurəti yaransın.
20.5-ci maddədə göstərilir: “Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına əlavələr müvafiq olaraq 100, 40 və 20 faiz müəyyən edilir”. Mən bunu bir az anlaya bilmədim. Xaraktercə bu işçilər eyni bir iş görürlər. Ona görə də çalışdıqları teatrların statusuna uyğun olaraq onların əmək haqlarına əlavələrin bu cür kateqoriyalara bölünməsi, hesab edirəm ki, düz deyil. Bu ən azından teatr işçilərinin öz aralarında sosial ədalətsizlik yaranmasına gətirib çıxarar. Belə ki, milli, yaxud aparıcı teatrlarda çalışan çox istedadlı və əmək stajı böyük olan bir işçi akademik teatrda çalışan, stajı və istedadı daha az olan işçidən az əmək haqqı ala bilər. Mən hesab edirəm, teatr üçün əmək haqqına əlavəni eyni bir rəqəmlə müəyyən etmək və göstərmək lazımdır ki, teatr işçilərinin əmək haqqına əlavələr 100 faizə qədər artırıla bilər və bu bütün teatrlar üçün eyni bir səviyyədə saxlanılmalıdır.
8.1-ci maddədə göstərilir: “Teatr bədii yaradıcılıq istiqaməti və repertuar seçimində müstəqildir.” Bu özlüyündə çox mütərəqqi bir müddəadır. Amma bu da sirr deyil ki, son dövrdə teatrlarımızın repertuarını götürüb 10-15 il əvvəlki repertuarla müqayisə etsək, görərik ki, oradan Azərbaycan klassiklərinin və dünya klassiklərinin əsərlərinin azalması hesabına ədəbi dəyər baxımından çox ucuz, tamaşaçı zövqünü korlayan bayağı pyeslər səhnəmizə yol açıb. Düzdür, bu, bazar münasibətləri şəraitində teatrın pul qazanmaq meyili ilə əlaqəlidirsə, digər tərəfdən də pyes müəllifi, tamaşa müəllifi olmaq istəyən bəzi yazarların istəyi ilə əlaqədardır. Amma mən bazar münasibətləri şəraitində teatrın pul qazanmaq meyilini başa düşürəm. Çünki onun istehsal etdiyi, ortaya çıxardığı tamaşa da bir əmtəədir və o da satılmalıdır. Lakin bu adi əmtəə deyil, bu, insanlarda mənəviyyat formalaşdıran, insanı tərbiyə edən bir əmtəədir. Ona görə mən hesab edirəm ki, bura dövlətin bir az müdaxilə etməsi daha yaxşı olardı. Mən hesab edirəm, teatrlar üçün bir məcburi minimum müəyyən olunmalıdır ki, onlar bilsinlər, il ərzində Azərbaycan və dünya klassiklərinin ən azı neçə əsərini oynamalıdırlar. Yerdə qalan repertuar seçimində isə teatrlar müstəqil olsalar, daha yaxşı olar. Bu qədər. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Rauf Əliyev.
R. Əliyev. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli qonaqlar! Mən Teatr fəaliyyəti haqqında qanun layihəsinin qəbulunu mədəniyyət müəssisələrinə diqqət baxımından önəmli hesab edirəm.
Bununla əlaqədar iki təklifim var. Əsas anlayışlarda 1.0.6-cı maddədə “quruluşçu” sözündən sonra açılmış mötərizədə “rejissor, baletmeyster, rəssam” sözlərindən sonra “bəstəkar” sözü də əlavə olunsun.
III fəslin 11-ci maddəsində teatrın vəzifələri sırasında teatrların öz salonlarında tamaşaçı yerlərinin 2-3 faizə qədərini əhalinin aztəminatlı sosial qruplarına pulsuz verməsini təklif edirəm.
Mən bu qanunu çox əhəmiyyətli, zəruri hesab edirəm. Fikrimcə, bu qanun çox yaxşı işlənilib. Bu qanun layihəsinin lehinə səs verəcəyəm və həmkarlarımı da buna dəvət edirəm. Diqqətinizə görə çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Həvva Məmmədova.
H. Məmmədova. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli dəvət olunmuş qonaqlar! Bu gün mən Teatr və teatr fəaliyyəti haqqında qanun layihəsinin hazırlanmasında zəhməti olan insanların hər birinə, xüsusən Mədəniyyət komissiyasına öz təşəkkürümü bildirirəm.
Hörmətli həmkarım Fazil Qəzənfəroğlu Şuşa və İrəvan teatrları barədə və onların bu gün fəaliyyətsiz olmaları haqqında fikir söylədi. Mən istərdim ki, hörmətli həmkarıma bir faktı xatırladım ki, hələ xalqın təkid və tələbi ilə hakimiyyətə qayıdan ulu öndərimiz Heydər Əliyev 1993-94-cü illərdə işğal olunmuş rayonlarımızın sakinlərini yığaraq onların yaşadıqları yerlərin öz adları ilə, məktəblərin, bağçaların, mədəniyyət şöbələrinin, teatrların fəaliyyət göstərməsinin əhəmiyyətli olduğunu göstərmişdi. Ona görə də işğal olunmuş rayonlarımızdan didərgin düşmüş teatrlarımızın fəaliyyəti bu gün olduqca önəmlidir və bizim hər birimiz də ona diqqət və qayğı göstərməliyik.
Bu gün Şuşa teatrı da, İrəvan, Füzuli, Ağdam teatrları da fəaliyyət göstərirlər, bunlar fəaliyyətsiz deyillər. Şuşa teatrı bilirik ki, çox qədim tarixə malikdir. 1848-ci ildə yaradılmış və uzun müddət fəaliyyət göstərmiş bu teatr bir müddət fəaliyyətini dayandırsa da, 1988-ci ildən yenidən işə başlamışdır. 1992-ci ildən didərginlik taleyini yaşayan Şuşa teatrı Bakı şəhərində məskunlaşmışdır.
Bu gün köçkünlük həyatı yaşayan teatrlarımızın fəaliyyətində dövlətimizin, Mədəniyyət Nazirliyimizin olduqca böyük zəhməti vardır. Teatrların yaşaması, fəaliyyət göstərməsi üçün olduqca böyük zəhmət çəkirlər. İndi bu teatrların yeri də vardır. Bunların fəaliyyətsizliyinə gələndə isə hörmətli həmkarıma deyərdim ki, işğal altında olan şəhərlərimizin didərginlik taleyi yaşayan bu teatrlarının repertuarı olduqca zəngindir. Bu gün onların torpaqlarımızla, vətənimizlə bağlı, hərbi vətənpərvərlik mövzusunda oynadıqları əsərlər olduqca diqqətəlayiqdir. Hörmətli millət vəkili Hüseynbala müəllimin “Xəcalət” əsəri, “Güllələnmiş heykəllərin fəryadı” didərgin həyatı yaşayan teatrların repertuarında önəmli yer tutur. Bu teatrların fəaliyyətinə kölgə salmaq yox, əksinə, onların tamaşalarına getmək və onların fəaliyyəti ilə yaxından tanış olmaq lazımdır.
Bir məsələyə də diqqətinizi yönəltmək istəyirəm. Mən qeyd etdim ki, Mədəniyyət Nazirliyinin qaçqın taleyi yaşayan teatrlarımıza diqqəti böyükdür. Ancaq bu teatrlar Azərbaycan daxilində, Azərbaycan ərazisində qastrol səfərləri edirlər. Bu teatrların Azərbaycandan kənara çıxmağa o qədər də imkanı yoxdur. Mən Mədəniyyət Nazirliyimizin hörmətli nümayəndələrinin burada olmasından istifadə edərək demək istərdim ki, işğal altında olan rayonlarımızın xaricə qastrol səfərlərinə getməsi ən azı işğal altında olan rayonların adlarını yaşatmaq, Azərbaycan həqiqətlərini, tariximizi, mədəniyyətimizi xaricdə təbliğ etmək deməkdir.
Daha bir məsələ barədə fikrimi bildirmək istəyirəm. Bu gün burada həmkarlarım teatr və teatr fəaliyyəti haqqında çox ətraflı, geniş məlumat verdilər. Bu gün biz Azərbaycan teatrında xalqımızı düşündürən, bu günlə səsləşən daha sanballı əsərlərin tamaşaya qoyulmasını arzu edərdik. Bu gün biz çox istərdik ki, Azərbaycan teatrında klassiklərin əsərlərinə daha çox diqqət yetirilsin, hörmətli dramaturqlarımıza, ədiblərimizə sifarişlər verilsin, Qarabağ faciəsini, Qarabağ dərdini əks etdirən sanballı əsərlər yazılsın. Bu gün elə əsərlər ortaya qoyulsun ki, xalqımızın başına gələn müsibətlər dünyaya çatdırılsın, Azərbaycan televiziyasında tok-şouların, mənasız çal-çağırların yerini hərbi vətənpərvərlik mövzusunda əsərlər tutsun.
Mən, ümumilikdə, bu qanunun lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da bu qanun layihəsinə səs verməyə dəvət edirəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, müzakirələrdə 9 millət vəkili iştirak etdi. Suallar da oldu. Bu gün müzakirələrdə mədəniyyət və turizm nazirinin müavini, görkəmli teatrşünaslar, professorlar, incəsənət xadimləri iştirak edirlər. İcazənizlə, onlara da söz verək, sonra səsverməyə başlayaq. Ədalət müəllim, kim çıxış edəcək, Siz? Buyurun.
Ə. Vəliyev, Azərbaycan Respublikası mədəniyyət və turizm nazirinin müavini.
Hörmətli sədarət, millət vəkilləri! Mədəniyyətimizin çox vacib tərkib hissələrindən biri olan teatr haqqında qanunun müzakirəsinə bu qədər böyük diqqətlə yanaşdığınız üçün mən sizə bir daha öz təşəkkür və minnətdarlığımı bildirmək istəyirəm.
Burada çox fikirlər səsləndi. Mən bütün bu fikirlərə böyük hörmət və diqqətlə yanaşaraq, vacib saydığım bəzi məqamlara münasibətimi bildirmək istəyirəm. Məncə də, burada müəyyən redaktə işinə ehtiyac duyulur və şübhəsiz ki, bu iş həyata keçiriləcək.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycan Respublikası MDB məkanında teatr haqqında qanun layihəsinin bu şəkildə ciddi müzakirə obyektinə çevrildiyi ilk ölkədir. Bu layihə üzərində işləyərkən biz MDB dövlətlərinin bir çoxunda ya müzakirə ərəfəsində, ya da artıq müzakirədə olan layihələrdən yararlanmışıq. Geniş ictimaiyyətlə bunun müzakirəsi aparılıb. Ən əsası isə Azərbaycanda fəaliyyətdə olan bütün teatrlara və teatr işinə rəhbərlik edən şəxslərlə, Dövlət İncəsənət Universiteti ilə, mütəxəssislərlə bunun geniş müzakirəsini keçirmişik.
Mən indi maddələr üzrə sizin toxunduğunuz məsələlərə münasibətimi bildirmək istərdim. “Əsas anlayışlar” maddəsində quruluşçu məfhumuna bəstəkarın da daxil edilməsi təklif olundu. Bəstəkar tamaşanın quruluşçusu deyil, sadəcə, quruluşçu rejissorun sifarişi və yaxud diktəsi ilə musiqini bəstələyən, yazan bir şəxs olduğu üçün onun quruluşçu qismində tanınması hüquqi cəhətdən düzgün deyildir. Prodüser anlayışına gəlincə, o heç də teatrı idarə edən şəxs, teatrın maliyyələşməsinə məsul şəxs kimi başa düşülməli deyil. Çünki teatrın idarə edilməsində bütün hüquqların teatrın direktoruna verildiyi qanunvericiliklə təsbit olunmuş və teatrın əsasnaməsində açıq-aydın göstərilmişdir. Bu praktika mövcuddur. Sadəcə, bu gün Avropaya inteqrasiya olunan Azərbaycan mədəniyyətində də bəzi sistemlər, yeniliklər həyata keçirilməlidir. Bu labüddür. Dünya teatr praktikasında, ümumiyyətlə, şou aləmində prodüserlik məktəbindən istifadə olunur ki, biz də burada bu anlayışı verməklə gələcəkdə teatr sistemində, o cümlədən şou aləmində prodüserlik məktəbinə keçid üçün bir növ ilk addımı atmış oluruq. Bugünkü Azərbaycan teatrında prodüserin fəaliyyəti yoxdur. Bu, sıfır səviyyəsindədir. Amma bunun yaxın illərdə Azərbaycan teatrında olacağı və geniş vüsət alacağı proqnozlaşdırılır, gözlənilir. Özəl teatrların sayı artır. Güman edirəm ki, bələdiyyələr möhkəmləndikcə bələdiyyə teatrları yaranacaq və istər bələdiyyə teatrlarının, istər özəl, istərsə də dövlət teatr sektorunun fəaliyyətini gələcəkdə əlaqələndirəcək şəxslər məhz prodüserlər olacaq.
4-cü maddədə hər bir vətəndaşın teatr sənəti və teatr yaradıcılığından bəhrələnmək hüququnun təmin olunmasının təsbit edilməsi ilə bağlı bunu diqqətə çatdırdılar ki, onsuz da hər bir vətəndaşın teatra getmək hüququ var. Halbuki burada söhbət heç də hər bir vətəndaşın mütləq şəkildə teatra getməsindən yox, hər bir vətəndaşın müxtəlif birliklərdə, dərnəklərdə, xalq teatrlarında teatr sənətindən bəhrələnmək hüququnun olmasından gedir.
“Teatr mədəniyyətinin fərdiliyinin qorunub saxlanılması”. Peşəkarlar, teatr xadimləri, teatrşünaslar bilirlər ki, Azərbaycanda mövcud olan hər bir teatrın özünün sənət fərdiliyi var. Məsələn, Milli Akademik Dram Teatrı ilə Gənc Tamaşaçılar Teatrının istər aktyor truppasında, istərsə də rejissorların sənətə baxışında və yozumunda bir fərdilik var. Söhbət bu fərdiliyin qorunub saxlanmasından gedir.
Burada qastrollar və səyyar tamaşalar zamanı teatrların bina və müxtəlif ləvazimatları icarəyə götürməsi ilə bağlı fikirlər səsləndi. Teatrlarda qastrol və səyyar tamaşalar, müştərək teatr layihələri həyata keçirilərkən yerli teatrlar məhz burada yazıldığı kimi, ancaq səhnəni icarəyə verirlər. Teatr özünün oturduğu bütün binanı və yaxud binanın bir hissəsini bu və ya digər məqsədlər üçün icarəyə verə bilməz. O ancaq bu və ya digər tamaşanın oynanılacağı bir neçə saat, yaxud bir neçə gün ərzində səhnəni, tamaşaçı salonunu, qrim otaqlarını və sairi icarəyə verə bilər ki, bu da hər dəfə icarəyə verən və icarəyə götürən teatrlar arasında bağlanacaq müqavilədə özünün həllini tapmalıdır.
Uşaq teatrlarının inkişafı ilə bağlı müddəalar barədə. Uşaq teatrlarının bizim tərəfimizdən belə vurğulanmasının xüsusi bir əhəmiyyəti var. Azərbaycanda 5 uşaq teatrı, Bakıda Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı və Gənclər Teatrı fəaliyyətdədir ki, bu da, əslində, 8 milyon yarımlıq xalq üçün say etibarı ilə çox azdır və bütün regionları əhatə etmir. Əslində, uşaq teatrları və kukla teatrlarının sayı çox azdır. Bir şeyi mütləq nəzərə almalıyıq ki, insanların teatra alışqanlığı, bağlılığı məhz uşaq yaşlarından, körpəlik çağlarından başlayır. 40-45 yaşından sonra insanların teatra alışmağı və böyük teatra maraq göstərəcəyi böyük şübhə doğurur.
Güzəştli qiymət siyasəti ilə bağlı hörmətli Valeh müəllim fikrini dedi. İstər dövlət teatrlarında, istərsə də özəl teatrlarda əgər millət vəkili Rauf Əliyevin söylədiyi kimi, bu və ya digər sosial qruplara, Qarabağ əlillərinə, şikəstlərə, Böyük Vətən müharibəsi iştirakçılarına və sairlərə münasibətdə güzəştli qiymət siyasəti həyata keçirilərsə, burada hansısa məqsədli maliyyə yardımından söhbət gedə bilər. Dövlətdən dotasiya alan teatrlarımız onsuz da bu siyasəti həyata keçirir. Amma biz də bunu indi qanuniləşdirmək tərəfdarıyıq. Ola bilər, fikir bir az aydın formada çatdırılmayıbdır.
“Mülkiyyət formasından asılı olmayaraq dövlət və yerli özünüidarəetmə orqanlarının müsabiqələrdə iştirak hüququ”. Burada da mən problemli bir məsələ görmürəm.
Müxtəlif statuslu teatrların işçilərinə əmək haqqına əlavələrin fərqli faizlərlə verilməsi indiyədək olan qanunvericiliklə müəyyən edilib. Nəzərə çatdırmaq istəyirəm ki, Amerikada, İngiltərədə bu bir az başqa cürdür. Orada kral teatrları var. Bütün inkişaf etmiş ölkələrdə istər milli, istərsə də akademik statusu qazanmış teatrlar mövcuddur. Azərbaycanda akademik statusu olan iki teatr var - Azərbaycan Akademik Milli Dram Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı. Bu iki teatrda əmək haqqı, təbii ki, digər teatrlardakından, istər Bakı şəhərində, istərsə də əyalətlərdə yerləşən teatrlardakından ciddi şəkildə fərqlənir. Necə ki, bu il bizdə nəhayət, milli kitabxananın statusu müəyyənləşdirildi, milli kitabxanada çalışan insanların əmək haqları ilə digər kitabxanalarda çalışan insanların əmək haqqı arasında fərq məsələsi müsbət həll olundu, burada da qeyri-adi heç bir şey yoxdur.
Biz ilk dəfə olaraq bu qanun layihəsində teatrların yeni tamaşalarının dövlət vəsaiti hesabına hazırlanmasını qeyd etmişik. Amma kommunal xərclər, ezamiyyə xərcləri, qastrol səfərləri və bütün digər məsrəflər, o cümlədən yeni tamaşaların quruluşu ilə bağlı xərclər teatrın öz boynunda qalır ki, bu da həlli çox müşkül olan məsələyə çevrilir.
Məlumat üçün onu da bildirmək istəyirəm ki, bu il Azərbaycan teatrları 109 adda yeni tamaşa hazırlayıblar və bunlar heç də hörmətli millət vəkilinin söylədiyi kimi ancaq bəsit, gərəksiz, cılız əsərlərdən ibarət deyil. Əgər belə əsərlər repertuarlarda varsa, onlar yəqin ki, çox cüzi bir miqdar təşkil eləyir. Azərbaycan teatrlarının repertuarında istər klassik Avropa, istərsə də Azərbaycan dramaturgiyası nümunələri onlarca və yüzlərcədir. Hər halda yeni hazırlanmış 109 tamaşanın 85 faizi məhz klassik əsərlərdən ibarətdir.
Bir məsələni də xüsusi vurğulamaq istəyirəm. Burada fikirlər səsləndi ki, qaçqın teatrlar ya birləşdirilsin, ya da bağlansın. Aprel ayında da bu söhbət olmuş və aprel ayında da bu söhbətə bizim münasibət bildirilmişdir. Bu yaxınlarda ölkə başçısı, möhtərəm Prezident İlham Əliyev İrəvan teatrının 120 illik yubileyinin keçirilməsi üçün xüsusi sərəncam da imzaladı. Mən elə bu sərəncamla bağlı bir məqamı aprel ayında da söyləmişdim, bu gün də bir daha diqqətə çatdırmaq istərdim. Dünyada toplumun, əhalinin yaşam yerlərinin öyrənilməsində mühüm vasitələrdən biri də o ölkədə aborigen, yerli xalqın dilində teatrın varlığıdır. 120 il əvvəl İrəvan quberniyasında Azərbaycan teatrı mövcud olmuşdur. Məlumat üçün millət vəkillərinin diqqətinə çatdırmaq istəyirəm ki, bu gün bizim dədə-baba torpaqlarında – İrəvanda, Ermənistanda məskunlaşmış ermənilərin erməni dilində teatrı 1922 və 1924-cü illərdə yaranıbdır. Bu fərqi sizin diqqətinizə çatdırmaqla göstərmək istəyirəm ki, 1885-90-cı illərdə İrəvan xanlığında çox az sayda yaşayan ermənilərin hətta teatr yaratmaq imkanları belə olmamışdır. Biz bu gün 120 illik tarixi olan bir teatrın üstündən belə rahatlıqla xətt çəkə bilmərik. “Bunlar fəaliyyətdə deyillər, bunları gəlin birləşdirək, bağlayaq” demək məni ən azı təəccübləndirir.
Nəzərinizə çatdırmaq istəyirəm ki, Azərbaycanda fəaliyyətdə olan 28 teatrın hər biri dövlətin onların üzərinə qoyduğu plan və tapşırıqları yerinə yetirməklə yanaşı, repertuarlarında günün tələblərinə cavab verən yüksək səviyyəli əsərlərlə istənilən zaman tamaşaçıların qabağında çıxış etməyə hazırdırlar və gündəlik də bunu həyata keçirirlər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Ziyafət müəllim, buyurun.
Z.Əsgərov. Sağ olun, cənab Sədr. Ədalət müəllim, mənim Sizə iki sualım var. 17.3-cü maddədə deyilir: “Teatrlara “akademik” və “milli” statuslar qanunvericiliklə müəyyən olunmuş qaydada verilir”. Mən bilmək istəyirəm, bu statuslar hansı qanunvericilik aktı ilə müəyyən olunmuş qaydada verilir? Olmazmı bunu bugünkü qanunda müəyyən eləyək?
20.5-ci maddədə yazılıb: “Akademik, milli və aparıcı teatrlarda çalışan işçilərin əmək haqlarına əlavələr müvafiq olaraq 100, 40 və 20 faiz müəyyən edilir”. Bu o deməkdir ki, bu gün Azərbaycan Akademik Milli Dram Teatrının əməkdaşları 140 faiz əlavə alacaqlar. Onlarda həm milli, həm də akademik statusu var. Düz başa düşdüm Sizi? Sağ olun.
Ə. Vəliyev. Təşəkkür edirəm. Əslində, bu gün akademik və milli statusların əsasnaməsi mövcuddur və bu günə qədər bu, mövcud qanunvericiliklə Nazirlər Kabinetinin sərəncamları ilə verilirdi. Amma siz məqsədəuyğun hesab edirsinizsə, bunların verilmə mexanizmini burada, bu qanun layihəsində də göstərə bilərik.
İkinci sualınıza gəlincə deməliyəm ki, burada əmək haqqına əlavələrin birindən söhbət gedir. Maksimal hədd hansıdırsa, o nəzərdə tutulur. “Akademik” sözü “milli” sözündən öncə və daha böyük anlamda, beynəlxalq anlamda olduğu üçün orada söhbət 100 faizdən gedir. Biz belə nəzərdə tutmuşuq.
Sədrlik edən. Sağ olun. Valeh müəllim, Sizin sualınız var idi.
V. Ələsgərov. Həm sualdır, həm təklif. Mən çox üzr istəyirəm, ola bilsin, mən demək istədiklərimi yetərli qədər aydın çatdıra bilmədim, çünki Siz verdiyiniz cavabları texniki məsələlərə yönəltdiniz. Mənim dediyim tam başqa şeydir. Hüquqi və qanunvericilik cəhətdən bu qanunun əhəmiyyətini başa düşərək deyirəm ki, bu qanun hüquqi və qanunvericilik cəhətdən düzgün qurulmalıdır. Əgər bu qanunun üstündə işləyən hüquqşünas varsa, olarmı mən onunla yarımca saat görüşüm? Ondan sonra o nə desə mən qəbul eləyərəm.
Sədrlik edən. Valeh müəllim, bu qanunun hələ üçüncü oxunuşu da var. O vaxta qədər suallarınızı həmin o hüquqşünasla aydınlaşdıra bilərsiniz. Mənə elə gəlir ki, biz bu qanun layihəsini yetərincə müzakirə elədik. Amma bu qanun layihəsini təqdim eləyən komissiyanın sədri də burada səslənən fikirlərə münasibətini bildirmək istəyir. Buyurun, Nizami müəllim.
N. Cəfərov. Əslində, nazir müavini suallara cavab verdi, qeyd və iradlara münasibətini bildirdi. Amma bir-iki məsələ var. Burada dövlətin üzərinə heç bir vəzifə qoyulmur. Burada söhbət teatr fəaliyyəti sahəsində dövlətin siyasətindən gedir. Dövlət də bizik. Burada nə vəzifə ola bilər, dövləti kim məsuliyyətə cəlb eləyə bilər? Ona görə də Valeh müəllim, narahat olmayın.
Burada maraqlı qeydlər oldu. Məsələn, Hüseynbala müəllim dedi ki, bəzi maddələr əsasnamə xarakterlidir. Bununla razılaşmaq və bəzi maddələrə baxmaq olar.
Həqiqətən, çox konkret şeylər var. Məsələn, Teatr İttifaqının statusu barədə söhbət getdi. Məncə, o, ictimai birlik kimi nəzərdə tutulmamalıdır. Güman edirəm ki, o, yaradıcılıq birliyi hesab olunmalıdır.
Vergidən azad olma məsələsini də məhz bu şəkildə qoymaq olar. Çünki vergidən azad olma texnologiyası yoxdur. Bu yalnız güzəşt kimi verilə bilər.
Mən də o fikirdəyəm ki, akademik, milli və aparıcı statusları barədə məsələ məhz bu qanuna əlavə olunmalıdır. Yəni məlum olur ki, bu məsələ Nazirlər Kabinetinin, sadəcə, əmrləri, sərəncamları ilə həll olunur. Əlbəttə, bu şəkildə olmaz. Əgər teatr haqqında qanunda teatrın status təyinatı verilmirsə, əlbəttə, bu, qanunun naqisliyi ilə bağlıdır.
Sonra, Valeh müəllim də dedi, burada terminologiya məsələləri var. Bunlara biz bir də baxacağıq. Çalışacağıq ki, düzəlişlərimizi eləyək.
Teatr xadimləri ittifaqı ilə bağlı məsələni bir qədər gündəmə gətirmək lazımdır, çünki bu ittifaq işləməsə, onun maliyyə təminatı olmasa, teatr sahəsində dövlət siyasətinin həyata keçirilməsində müəyyən gərginliklər yarana bilər.
Mən bu qanun layihəsinə çox ciddi və məsuliyyətlə yanaşdıqlarına görə bütün millət vəkillərinə təşəkkür edirəm. Həm də nəzərə almaq lazımdır ki, teatr haqqında qanun MDB-də birinci dəfədir qəbul olunur, baxmayaraq ki, bu barədə çoxlu müzakirələr aparılıbdır. Sağ olun. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Bildiyiniz kimi, qanun layihəsi ikinci oxunuşda fəsil-fəsil səsə qoyulur. I fəsil. Ümumi müddəalar. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
II fəsil. Dövlət və yerli özünüidarəetmə orqanları tərəfindən teatr fəaliyyətinin himayə edilməsi. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.51 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
III fəsil. Teatrların hüquq və vəzifələri. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.52 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 1
İştirak edir 86
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
IV fəsil. Teatr tamaşasının canlı nümayişi ilə bağlı müstəsna hüquq. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.52 dəq.)
Lehinə 87
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 88
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
V fəsil. Teatrların və teatr təşkilatlarının fəaliyyətinin idarə edilməsi və maliyyələşdirilməsi. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.53 dəq.)
Lehinə 82
Əleyhinə 3
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
VI fəsil. Teatr işçilərinin sosial müdafiəsi. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.54 dəq.)
Lehinə 86
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
VII fəsil. Yekun müddəalar. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.54 dəq.)
Lehinə 84
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 85
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsini ikinci oxunuşda bütövlükdə səsə qoyuruq. Münasibətinizi bildirin, xahiş edirəm.

Səsvermənin nəticələri (saat 16.55 dəq.)
Lehinə 85
Əleyhinə 1
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 86
Nəticə: qəbul edildi
Qəbul edildi, sağ olun.
Gündəliyin növbəti məsələsinə keçirik. Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamənin layihəsi barədə. Regional məsələlər daimi komissiyasının üzvü Tahir Rzayev.
T. Rzayev, Milli Məclisin Regional məsələlər daimi komissiyasının üzvü.
 Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün sizin müzakirənizə ikinci oxunuş üçün təqdim olunan Azərbaycan Respublikasının ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamə layihəsi “Ərazi quruluşu və inzibati ərazi bölgüsü haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə uyğun olaraq ərazi vahidlərinin və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi və onlara müvafiq şəhadətnamənin verilməsi qaydalarını müəyyən edir. Ərazi vahidləri və inzibati ərazi dairələri haqqında tam və dürüst məlumatların toplanması, onların uçot sisteminin, habelə qeydiyyat sənədi olan Dövlət reyestrinin aparılması dövlət əhəmiyyətli məsələdir.
Qanunun aktuallığı, əhəmiyyəti, mahiyyəti haqqında birinci oxunuşda ətraflı məlumat verildiyi üçün bu barədə geniş danışmağa ehtiyac duymuram. Ancaq sənədin ilk müzakirəsində hörmətli millət vəkilimiz Bəxtiyar Əliyev öz çıxışında qanun layihəsinin təkmilləşdirilməsinin vacib olduğunu bildirmişdir. Elə də olmuşdur. Birinci oxunuşdan sonra layihə üzərində ciddi iş aparılmiş, sənəd təhlil edilmiş, bəzi bölmələr və maddələr dəyişdirilmiş və təkmilləşdirilmişdir.
Qanun layihəsinə üç əlavə bölmə, yəni II, V və VII bölmələr, müvafiq olaraq “Dövlət reyestrinin aparılması”, “Dövlət reyestrinin kağız və elektron daşıyıcılar üzərində aparılması” və “Ərazi vahidlərinin və inzibati ərazi dairələrinin şəhadətnaməsi” adlı bölmələr artırılmışdır. Bu bölmələrin artırılması Əsasnamənin mahiyyətinin tam açılmasına, bütün parametrlərin və detalların aydınlaşmasına xidmət edir.
Dövlət reyestri ərazi vahidləri və inzibati ərazi dairələrinə dair məlumatlardan və sənədlər toplusundan ibarət olduğu üçün bu məlumatların və sənədlərin dəqiqliyinin təmin edilməsi çox vacibdir. Buna görə də “Dövlət reyestrinin prinsipləri və tərkibi” adlı III bölmə tam təkmilləşdirilmiş, burada sənədlər toplusuna daxil edilmiş sənədlər bütün detalları ilə göstərilmişdir. 3.2, 3.4, 3.4.1, 3.4.2, 3.4.3-cü maddələr yenidən işlənmişdir.
V bölmədə Dövlət reyestri kitabının formatına tam aydınlıq gətirilmiş, Reyestr kitabının ölçüsü, kitaba daxil ediləcək məlumatlar dəqiqləşdirilmişdir. Dövlət reyestri kitabının aparılmasına da qanun layihəsində bir daha aydınlıq gətirilmişdir.
VI bölmə. Məlum olduğu kimi, Dövlət reyestri kitabı aparıldıqdan sonra ərazi vahidləri və inzibati ərazi dairələrinə müvafiq şəhadətnamələr veriləcəkdir. Şəhadətnamələrin formatları sizə paylanmışdır. Ancaq onu xatırlatmaq istərdim ki, birinci oxunuşdan sonra şəhadətnamələrin formatının təkmilləşdirilməsinə, sənədə daxil ediləcək məlumatların konkretləşdirilməsinə nail olunmuş, formatda əsaslı dəyişikliklər aparılmışdır.
Ərazi vahidləri və inzibati ərazi dairələrinə şəhadətnamələrin verilməsi müddətləri VIII bölmədə dəqiqləşdirilmişdir. Belə ki, müvafiq icra hakimiyyəti orqanları ərazi vahidləri və inzibati ərazi dairələrinin Dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamələrin verilməsi üçün Milli Məclis Aparatının müvafiq xidməti tərəfindən onlara bu barədə məktub daxil olduqdan sonra lazımi sənədləri əsasnaməyə uyğun olaraq 20 gün, xəritələri isə 30 gün müddətinə təqdim etməlidirlər.
Birinci oxunuşdan sonra qanun layihəsinin təkmilləşdirilməsi üçün istər komissiya, istərsə də işçi qrupu səviyyəsində bir neçə dəfə fikir mübadiləsi aparılmış, ekspertlərin, mütəxəssislərin təklifləri öyrənilmiş, onların fikirləri nəzərə alınaraq qanun layihəsinin 20-dən çox maddəsi yenidən işlənmiş, layihəyə yeni maddələr və bölmələr əlavə edilmişdir.
Bildirirəm ki, qanun layihəsinə 8.5-ci maddə əlavə olunmuşdur. Bu maddə işçi qrupu tərəfindən axırıncı gün təklif edildiyinə görə onu sizə təqdim olunan layihəyə əlavə etmək mümkün olmamışdır. Həmin maddəyə əsasən ərazi vahidləri və inzibati ərazi dairələrinə verilmiş şəhadətnamə məhv olduqda, yararsız hala düşdükdə və itirildikdə müvafiq icra hakimiyyəti orqanlarının müraciəti əsasında onlara yeni şəhadətnamə verilir.
Regional məsələlər daimi komissiyasının iclasında komissiya üzvləri, ekspertlər və mütəxəssislər qanun layihəsindəki dəyişikliklərə öz müsbət münasibətlərini bildirmiş və qanun layihəsinin Milli Məclisin müzakirəsinə təqdim olunmasını tövsiyə etmişlər. Hörmətli deputatlar, elə bilirəm ki, siz də bu qanun layihəsi barədə dəyərli təkliflərinizi bildirəcək və bu sənədin qəbul olunmasına hamılıqla səs verəcəksiniz. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Deyəsən irad və təkliflər yoxdur. Qanun layihəsini əsas kimi qəbul eləyək. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.03 dəq.)
Lehinə 97
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 0
İştirak edir 97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu. Bildiyiniz kimi, bu, ikinci oxunuşdur. Müzakirələrə başlayırıq. Fəzail İbrahimli.
F. İbrahimli. Çox sağ olun, Oqtay müəllim. Mən uzun danışmaq istəmirəm. Mən istəyirəm, təkliflə çıxış edim, bir neçə məqamı nəzərinizə çatdırım. Hörmətli həmkarlarım, bu qanun layihəsi bizim komissiyada diqqətlə təhlil edilib, araşdırılıb. Mənim təklifim ondan ibarətdir ki, onun ikinci və üçüncü oxunuşunu elə bir yerdə keçirək.
Sədrlik edən. Çox sağ olun. Arif Rəhimzadə.
A. Rəhimzadə. Çox sağ olun, cənab Sədr! Mən də Fəzail müəllimin təklifini təkrar etmək istəyirəm. Həqiqətən, nə birinci, nə də ikinci oxunuşda heç bir təklif verilmədi. Mən ümid etmək istəyirəm ki, bu, layihənin yüksək keyfiyyətindən irəli gəlir. Hər halda qanun layihəsi, həqiqətən, çox mükəmməl işlənilibdir. Burada bəzi texniki qüsurlar var. O haqda Tahir müəllim dedi. Onun demədiyi məsələlər də var. Lakin bunlar qanunun ideyasına, məntiqinə təsir eləməyən cüzi məsələlərdir. Qanun bu gün üçüncü oxunuşda qəbul edilsə, mən hesab edirəm ki, onu həmin düzəlişlər nəzərə alınmaqla imzaya verə bilərik. Ona görə mən bu qanun layihəsinin, eyni zamanda, üçüncü oxunuşda səsə qoyulmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Mən də həmin təklifi müdafiə edirəm. Təklif edirəm, üçüncü oxunuşda səsə qoyasınız.
Sədrlik edən. Doğrudan da, həm birinci, həm də ikinci oxunuşda irad və təkliflər olmadı. Mən də hesab edirəm ki, çox mükəmməl bir qanundur. Xahiş edirəm, Əsasnamənin ikinci oxunuşda qəbul edilməsinə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 89
Əleyhinə 0
Bitərəf 0
Səs vermədi 2
İştirak edir 91
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Əsasnamənin üçüncü oxunuşa çıxarılması da təklif olundu. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 17.06 dəq.)
Lehinə 86
Əleyhinə 0
Bitərəf 1
Səs vermədi 0
İştirak edir 87
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul olundu.
Gündəliyin 4-cü məsələsi. Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında. İqtisadi siyasət daimi komissiyasının sədri Ziyad Səmədzadə.
Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün qloballaşan dünyada inkişaf səviyyəsindən asılı olmayaraq bütün ölkələrdə əmək haqqı problemi istər özəl sektorda, istərsə də dövlət sektorunda büdcədən maliyyələşən təşkilatlarda ən maraqlı, ən ciddi əhəmiyyət kəsb edən məsələlərdən biridir.
Son illərdə Azərbaycanda aparılan uğurlu islahatlar nəticəsində Azərbaycanda əmək haqqının dinamikasında müsbət meyillər açıq-aşkar hiss edilməkdədir. Bu yaxınlarda dövlət büdcəsini təsdiq edərkən biz bəzi rəqəmləri millət vəkillərinin nəzərinə çatdırdıq. Bir daha xatırlatmaq istərdim ki, 2007-ci il büdcəsində əmək haqqı və ona əlavələr 1 milyard 467 milyon manat təşkil etmişdir. Müqayisə üçün deyim ki, 2003-cü ildə bu rəqəm 481 milyon manat, 2000-ci ildə 273 milyon manat, 10 il bundan qabaq isə 166 milyon manat idi. Yəni bütünlükdə Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial-iqtisadi islahatlarda əmək haqqının artırılması, əmək haqqı sisteminin təkmilləşdirilməsi istiqamətində konkret tədbirlər nəzərdə tutulur.
Eyni zamanda, əmək haqqı problemi bu gün cəmiyyəti narahat edən aktual məsələlərdən biri olaraq qalır. 2007-ci ildə aparılan müqayisəli təhlillər göstərir ki, əmək haqqının səviyyəsinə görə biz hələ bir sıra ölkələrdən aşağıda dururuq. 2007-ci il büdcəsində ayrı-ayrı sahələrdə çalışan və vəzifə maaşları vahid tarif cədvəli ilə tənzimlənən vəzifələr üçün ümumi əmək haqqı dövlət büdcəsində 2.271 milyon manat nəzərdə tutulur ki, bu da büdcədən əmək haqqı alan 630 min nəfərə yaxın işçini əhatə edir.
Bununla bərabər, qeyd etmək lazımdır ki, MDB məkanında, yəni yeni müstəqil dövlətlərdə son illərdə əmək haqqı sistemində bir sıra problemlər yaranmışdır. Əvvəla, bütün MDB məkanında iqtisadi əlaqələrin qırılması və istehsalın aşağı düşməsi nəticəsində pul gəlirlərində əmək haqqının xüsusi çəkisi xeyli aşağı düşmüşdür. 2005-ci ildə pul gəlirlərində əmək haqqının xüsusi çəkisi 22 faiz, 2007-ci ildə 27 faiz nəzərdə tutulmuşdur. Artıq Azərbaycanda aparılan dinamik, keyfiyyətli inkişaf, real iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, işsizliyin ləğvi ilə əlaqədar həyata keçirilən tədbirlər nəticəsində pul gəlirlərində əmək haqqının xüsusi çəkisinin artması müşahidə olunur. 2010-cu ildə bu rəqəm 34 faizə çatacaqdır. İnkişaf etmiş ölkələrdə isə pul gəlirlərində əmək haqqının xüsusi çəkisi 60-65 faiz arasında tərəddüd edir.
Başqa bir məsələ. Orta aylıq əmək haqqının sahələr üzrə fərqlənməsində də müxtəliflik özünü göstərməkdədir. Təbii ki, bu proses bütün dünya ölkələrinə xasdır. Yəni bərabərlik prinsipi həyata keçirilmir. Əmək haqqının müəyyən edilməsinin özünəməxsus qanunauyğunluqları, prinsipi vardır. Bütün bunlar göstərir ki, Azərbaycanda iqtisadi islahatların inkişafı ilə əlaqədar olaraq əmək haqqı sistemində də yeni-yeni təkmilləşdirmələr aparılmalıdır. Dövlət və özəl sektorda əmək haqqının münasibəti, əmək haqqının fərqliliyinin obyektiv əsasları təhlil edilməli və dövlət miqyasında tənzimləmə işləri aparılmalıdır.
2005-ci ildə Azərbaycan Respublikası Prezidentinin bir sərəncamı olub. Bu sərəncam belə adlanır: “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vəzifə maaşlarına əlavələrin verilməsi sahəsində qanunvericiliyin təkmilləşdirilməsi haqqında”. Sizin müzakirənizə təqdim olunan qanun layihəsi də bu sərəncam əsasında hazırlanmışdır. Qanun layihəsinin hazırlanmasında Azərbaycan hökumətinin tapşırığı ilə Maliyyə Nazirliyi, Əmək və Sosial Müdafiə Nazirliyi və digər icra strukturları iştirak etmişdir. Məlumat üçün bildirim ki, İqtisadi siyasət daimi komissiyasında bu qanun layihəsi çox ətraflı, geniş müzakirə olundu, komissiya üzvləri çox dəyərli təkliflər söylədilər və hesab elədilər ki, bu qanunun gələcəkdə Azərbaycan Respublikasında əmək haqqı-bölgü münasibətlərinin təkmilləşməsi işinə töhfəsini artırmaq üçün qanun üzərində xeyli iş aparılmalıdır.
Əməyin ödənilməsinin əsaslandırmaları Azərbaycan Respublikasının Əmək Məcəlləsinin “Əmək normaları, əməyin ödənilməsi qaydaları və təminatı” adlı 6-cı bölməsində müəyyən olunmuşdur. Əmək Məcəlləsinin 158-ci maddəsinin 1-ci hissəsinə əsasən əməyin ödənilməsinin növləri, sistemləri, tarif maaşları, ona edilən əlavələr, mükafatlar, digər həvəsləndirici ödənişlərin miqdarı kollektiv müqavilələrdə, kollektiv əmək müqavilələrinin bağlanmadığı hallarda isə fərdi əmək müqaviləsi və yaxud işə götürənlərlə həmkarlar ittifaqı təşkilatı arasında razılaşmalarla müəyyən edilir.
Bu maddənin 2-ci hissəsinə görə dövlət büdcəsindən maliyyələşdirilən müəssisələrdə çalışan işçilərin əməyinin ödənilməsi sistemi, növləri və məbləğləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Lakin Əmək Məcəlləsinin qüvvəyə minməsindən (1 iyul 1999-cu il) keçən dövr ərzində toplanılan təcrübə göstərir ki, ölkədə əməyin ödənilməsi sahəsində daha mütəşəkkil normativ hüquqi aktların hazırlanmasına, xüsusilə də büdcədən maliyyələşdirilən sahələrdə çalışan işçilərin əmək haqqına və ya vəzifə maaşlarına əlavə və mükafatların təyin edilməsinin qanunvericiliklə tənzimlənməsinə ehtiyac vardır. 158-ci maddənin 2-ci hissəsinin icrası ilə əlaqədar olaraq bir sıra normativ hüquqi aktların, məsələn, “Büdcədən maliyyələşdirilən sahələrin işçilərinin tarif maaşları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 fevral tarixli 34 saylı qərarının qəbul olunmasına, müxtəlif qanunların qüvvəyə minməsi ilə bağlı Əmək Məcəlləsinə əlavələr və dəyişikliklər edilməsinə baxmayaraq, büdcədən maliyyələşdirilən sahələrdə işçilərin əməyinin vahid prinsiplər əsasında tənzimlənməsi qanunvericiliklə müəyyən edilməmişdir.
Məlumat üçün bildirim ki, dövlət orqanlarında çalışan işçilərin əməyinin ödənilməsi prinsipləri, məbləği, mükafatın növləri, əmək haqqına əlavələr və digər həvəsləndirici ödənclər barədə müddəalar müxtəlif qanunlarda – “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında”, “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili haqqında”, “Hesablama Palatası haqqında”, “Dövlət qulluğu haqqında”, “Məhkəmələr və hakimlər haqqında”, “Diplomatik xidmət haqqında” qanunlarda, Seçki Məcəlləsində və sair qanunvericilik aktlarında əks olunmuşdur. Bu qanunlar da dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əməyinin ödənilməsinə müxtəlif yanaşmalar olmuşdur ki, bunun da obyektiv və subyektiv səbəbləri vardır. Obyektiv səbəb odur ki, bütün dünyada əmək-bölgü münasibətləri bərabərlik prinsipi əsasında aparılmır. Bərabərlik prinsipi ilə aparılan zaman, heç şübhəsiz ki, çox mənfi nəticələrə gətirib çıxarır. Bu gün bütün dünya ölkələrində istər büdcə təşkilatlarında, istərsə də özəl sektorda çalışan işçilərin sahələr üzrə, regionlar üzrə əmək haqqında çoxlu fərqlər vardır ki, bu fərqlər də müəyyən elmi-metodoloji prinsiplərə əsaslanır. Lakin bu fərqlərin həddindən artıq çox olması, mükafatlandırma sisteminin eyni funksiyanı həyata keçirən sahələr üzrə müxtəlifliyi, təbii ki, müəyyən narazılıqlara səbəb olur.
Qeyd etmək lazımdır ki, yuxarıda adları çəkilən qanunlarda əmək münasibətləri sistemində istifadə olunan məfhumların müxtəlif tərzdə təfsir edilməsi bir çox hallarda anlaşılmazlıqların yaranmasına səbəb olur. Təqdim olunan qanun layihəsində bu məfhumların açıqlaması verilmiş, dövlət orqanlarında və digər təşkilatlarda çalışan işçilərin dairəsi dəqiqləşdirilmişdir. Qanunda dövlət orqanlarında və digər təşkilatlarda çalışan işçilərin vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların növlərinin məbləğinin qanunla və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilən kateqoriyaları müəyyən edilmişdir.
Təqdim olunan qanun layihəsi 10 maddədən ibarətdir.
1-ci, 2-ci və 3-cü maddələrdə qanunun məqsədi, istifadə olunan əsas terminlər açıqlanır, onun şamil olunduğu şəxslərin dairəsi müəyyənləşdirilir. 4-cü maddədə göstərilir ki, aylıq vəzifə maaşının və vəzifə maaşına əlavələrin məbləğləri müvafiq qanunlarla və müvafiq icra hakimiyyəti orqanlarının təsdiq etdiyi qaydalarla müəyyən edilir.
Qanun layihəsinin 5-ci və 6-cı maddələrində vəzifə maaşlarına əlavələrin və mükafatların növlərinin, mükafatların məbləğlərinin hesablanması və təsdiq edilməsi qaydalarının, kollektiv və fərdi mükafatlandırma hallarının qanunla dəqiq müəyyənləşdirilməsi və bu qanunla nəzərdə tutulmayan ödənişlərin həyata keçirilməsinin yolverilməzliyinin təsbit olunması hazırda bu məsələ ilə bağlı meydana çıxan anlaşılmazlıqların gələcəkdə qarşısını almağa, maddi həvəsləndirmənin rolunun artırılmasına imkan verəcəkdir. Belə ki, hazırda dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin vəzifə maaşına əlavələrin və digər təminatların bir hissəsi Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin fərman və sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları ilə, digər hissəsi isə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Təhsil Nazirliyinin qərarları, məktubları ilə müəyyənləşdirilir. Bütün bunlar sözün əsil mənasında bir sıra uyğunsuzluqlar yaradır və haqlı olaraq narazılıqlara səbəb olur.
Qanun layihəsində təklif edilir ki, vəzifə maaşlarına əlavələrin hazırda mövcud olan 76 növündən 33 növü qalsın, bunlardan 16 növü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və Təhsil Nazirliyinin qərarları ilə müəyyən olunsun, 17 növ əlavələr isə təkmilləşdirilsin. İqtisadi siyasət daimi komissiyasının iclasında, mütəxəssislərin, adlarını çəkdiyin nazirliklərin rəhbər işçilərinin iştirakı ilə keçən bu iclasda deputatlardan Vahid Əhmədov, Əli Məsimli, Nazim Məmmədov, Əhəd Əhmədov və digərləri bu maddənin köklü surətdə yaxşılaşdırılmasını, təkmilləşdirilməsini təklif etdilər. Biz də hesab edirik ki, bu, həqiqətən, çox ciddi təklifdir və bu maddənin təkmilləşdirilməsinə ehtiyac var. Bunun üçün Əmək Nazirliyi ilə əlavə müzakirələr aparılmalıdır.
Qanun layihəsinin 7-ci maddəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda fəaliyyət göstərən işçilərin müxtəlif kateqoriyaları üçün tətbiq olunan digər təminatların növləri, miqdarı, icbari sığortanın həcmi, bu məqsədlə hər il ödənilən sığorta haqlarının miqdarı, səlahiyyətlərin icrası ilə bağlı təmsilçilik xərclərinin hesablanması üsulu müəyyənləşdirilir. Qanun layihəsində vəzifə maaşlarına digər əlavələrin hazırda mövcud olan 17 növündən biri ləğv edilmiş, 6 növü təkmilləşdirilmişdir. Mahiyyətcə bir-birini təkrarlayan əlavələr və təminatlar birləşdirilmiş, adları redaktə edilmişdir.
Qanunun mütərəqqi cəhətlərindən biri də dövlət qulluqçularının qulluq üçün zəruri olan hallarda aylıq iş vaxtı norması 5 saatdan çox artırıldıqda, ayda 17 saatdan çox olmamaq şərtilə, hər əlavə saata görə saatlıq vəzifə maaşının ikiqat məbləğdə ödənilməsi, kənd rayonlarında yerləşən ümumtəhsil məktəblərində işləməyə göndərilən pedaqoji kadrlar üçün müxtəlif təyinatlı müavinətlərin ödənilməsi, Milli Məclisin deputatlarına onların səlahiyyət müddətində xidməti mənzil, yaxud yaşayış xərclərinin ödənilməsi üçün pul təminatının verilməsi, dövlət orqanlarında inzibati vəzifə tutan dövlət qulluqçularının işin xarakterindən asılı olaraq xidməti nəqliyyat və ya müvafiq kompensasiya ilə təmin edilməsi, dövlət qulluğunda xidmət illərinin minimum həddinə malik olmayan işçilərin pensiyaya yaxın əlilliyə görə könüllü olaraq işdən çıxdığı hallarda verilən ömürlük müavinətin müəyyən edilməsi haqqında müddəalar daxil edilmişdir. Mən onu da deyim ki, bu məsələ də ciddi müzakirəyə səbəb oldu.
Ümumiyyətlə, qanun layihəsində müəyyən fərqli cəhətlər var. Dövlət qulluqçuları üçün bir rəqəm, digər işçilər üçün başqa bir rəqəm… Təbii ki, bu müəyyən mübahisələrə səbəb olur. Biz komissiya iclasında Maliyyə Nazirliyinin rəhbər işçilərinə, mütəxəssislərinə, Əmək Nazirliyinin mütəxəssislərinə bildirdik ki, bu barədə müəyyən təkmilləşdirmələr aparılmalıdır. Ümumiyyətlə, biz elə bir qanun qəbul etməliyik ki, o, sözün əsil mənasında, Azərbaycanda əmək haqqı sisteminin təkmilləşməsinə xidmət etsin.
Bu gün çox paradoksal vəziyyət yaranmışdır. Təhsil və səhiyyə sistemində çalışan işçilərin aldıqları əmək haqqı ilə özəl sektorda çalışan təhsil və səhiyyə işçilərinin aldıqları əmək haqqı arasında böyük fərqlər vardır. Təbii ki, bunun da obyektiv səbəbləri var. Lakin elə tənzimlənmə mexanizmi yaradılmalıdır ki, gələcəkdə dövlət və qeyri-dövlət sektorunda bu sahələrdə çalışanların əmək haqqının məbləği o qədər də fərqlənməsin. Onu da deyim ki, bütün dünya ölkələrində, xüsusilə də inkişaf etmiş ölkələrdə təhsil də, səhiyyə də əsas etibarilə dövlət büdcəsindən maliyyələşdirilir. Ona görə də mən Maliyyə Nazirliyinin mütəxəssisləri ilə də, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mütəxəssisləri ilə də söhbət etdim, komissiyada da bu vurğulandı ki, bu məsələlərə diqqət artırılmalıdır.
Hörmətli millət vəkilləri, bu qanun layihəsi əgər gələcəkdə təkmilləşmələrdən sonra qəbul olunarsa, heç şübhəsiz ki, Azərbaycanda əmək haqqı sisteminin, vergi münasibətlərinin təkmilləşməsinə kömək edəcəkdir. Azərbaycan böyük sürətlə inkişaf edir. Azərbaycanın iqtisadiyyatında köklü islahatlar baş verir. Bununla bərabər, yaxşı olardı ki, bütövlükdə əmək haqqı konsepsiyasını, əmək haqqı strategiyasını da inkişaf edən respublikanın strategiyası kimi müəyyən edək.
Mən fürsətdən istifadə edərək bir daha məlumat vermək istəyirəm ki, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasında bu qanun layihəsi çox ətraflı müzakirə olunmuş, konkret təkliflər irəli sürülmüşdür. Maliyyə Nazirliyinin əməkdaşları da, Mədəniyyət Nazirliyinin, Səhiyyə Nazirliyinin, Əmək və Sosial Müdafiə Nazirliyinin, Əmək Nazirliyinin rəhbər işçiləri, mütəxəssisləri də bu təkliflərlə, demək olar ki, razıdırlar. Biz qərara gəlmişik ki, işçi qrupu yaradılsın və bu qanun layihəsi üzərində iş davam etdirilsin.
Ümumiyyətlə, biz gələcəkdə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsi ilə bağlı müddəaları bu qanunda cəmləşdirməliyik. Komissiyada da millət vəkilləri bunu xüsusilə vurğuladılar. Bunları ayrı-ayrı qanunlara səpələmək olmaz. Bunların hamısı dövlət büdcəsindən maliyyələşən təşkilatlarla bağlı tənzimləyici rol oynayan qanunda öz əksini tapmalıdır ki, biz gələcəkdə bütövlükdə Azərbaycanda əmək haqqı sistemini vahid prinsiplər əsasında təkmilləşdirək, əhalinin pul gəlirlərinin dinamikasında baş verən meyilləri obyektiv qiymətləndirək. Şübhəsiz ki, bir qədər əvvəl sadaladığım qanunlarda da əmək haqqı məsələsi müəyyən olmalıdır. Lakin bu qanunda elə prinsipləri müəyyən etməliyik ki, bu prinsiplər o sahələrin spesifikasını, xüsusiyyətlərini kənara qoymadan hamısı üçün müəyyən edilsin.
Mən hesab edirəm ki, belə bir qanunun qəbul edilməsi gələcəkdə Azərbaycanda aparılan sosial islahatların daha da təkmilləşdirilməsinə, iqtisadi siyasətlə sosial siyasət arasında əlaqələrin möhkəmlənməsinə, bütövlükdə Azərbaycan cəmiyyətində məşğul olan əhalinin yaşayış səviyyəsinin yüksəlməsinə xidmət edəcəkdir.
Sədrlik edən. Sağ olun, Ziyad müəllim. Sosial siyasət daimi komissiyasının sədri Hadi Rəcəbli.
H. Rəcəbli. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əmək münasibətlərində, əməyin ödənilməsi sahəsində son illər ardıcıl islahatlar aparılır və bu islahatlar son nəticədə insanların güzəranının yaxşılaşmasına xidmət eləyir. Bu qanunun əsas məqsədi dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan vətəndaşların əməyinin ödənilməsini tənzimləmək üçün hormonik bir sistemin yaradılmasıdır. Qanunu hazırlayanlar məhz bu məqsədə nail olmağa çalışıblar. Hörmətli Ziyad müəllim layihə barədə ətraflı məlumat verdi.
Bu qanun layihəsi bizim komissiyamızda da çox geniş müzakirə edildi və birmənalı qəbul olunmadı, çoxlu ciddi, kəskin tənqidi qeydlər söylənildi. Mən hələlik bunların bəzilərinə, konkret desək, deputatlarla bağlı məsələlərə diqqəti cəlb etmək istəyirəm. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunda “Deputatın maddi təminatı” adlı 21-ci maddə var. Bu maddədə deyilir ki, deputat nümayəndəlik səlahiyyətlərini yerinə yetirməsinə görə hər il özünün iki aylıq vəzifə maaşı məbləğində müavinət alır. Bu, birinci müavinətin formasıdır. İkinci müavinət isə “Deputatın məzuniyyəti” adlı 29-cu maddədə öz əksini tapıb. Bu maddədə göstərilir: “Məzuniyyətdə olduğu zaman deputata müalicə olunması və istirahət etməsi üçün onun iki aylıq vəzifə maaşı məbləğində müavinət verilir.” Hər iki halda bu, “müavinət” adlanır. Amma bizim bu gün müzakirə elədiyimiz qanun layihəsində bir halda, 6-cı maddənin 7-ci hissəsində bunun adı mükafatdır və burada 3 aylıq maaş həcmində mükafat nəzərdə tutulur. Amma ikinci halda, 7-ci maddənin 1-ci hissəsində bunun adı müavinətdir və burada bir aylıq vəzifə maaşı həcmində müavinət nəzərdə tutulur. Buradan belə görünür ki, deputat statusunda iki müavinətdən biri ləğv olunur və bizim, əslində, bir müavinətimiz qalır. Deməli, son nəticədə biz deputat statusuna dəyişiklik eləməliyik. Bu hər halda deputatların mənafeyinə toxunan bir məqamdır.
İkinci ciddi məsələ deputatların sığortalanması ilə bağlıdır. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 30-cu maddəsinin 3-cü hissəsində yazılıb: “Bu Qanuna uyğun olaraq hər bir deputat onun 5 illik vəzifə maaşı məbləğində icbari sığorta edilir”. Amma bu gün müzakirə etdiyimiz layihənin 7-ci maddəsinin 2-ci hissəsində göstərilir ki, Milli Məclisin deputatları iki illik vəzifə maaşı məbləğində sığorta olunurlar. Burada da ciddi surətdə azalma hiss olunur.
Daha bir məsələ nəqliyyatla bağlıdır. Deyirlər, bunun həlli yolu var. Burada göstərilir ki, dövlət orqanlarında inzibati vəzifə tutanlara xidməti nəqliyyat ayrılır. Əlbəttə, bu, gələcəkdə başqa formada da həll oluna bilər. Amma bütövlükdə biz bunu ehtiyatla yazmalıyıq ki, gələcəkdə parlament deputatlarla bağlı hər hansı addım atmaq istəyəndə bu maddə ona mane olmasın.
Burada bir məsələni də demək istəyirəm. Bizi narahat edən məsələ nədir? Bu layihədə deputatlar büdcədən maliyyələşdirilənlərin böyük bir qrupuna bərabər tutulurlar və burada deputatın mənafeyinə toxunan çoxlu məsələlər ortaya çıxır. Ona görə bizim komissiya belə məsləhət bildi ki, bu layihə birinci oxunuşda müzakirə olunsun və nə qədər tənqidi qeydlər var, söylənilsin, ikinci oxunuşa qədər işçi qrupu bu məsələlərə bir daha baxsın, bunlar çözülsün. Deputatlara aid olan hissə tamamilə ayrılsın, ayrıca maddələrdə təsbit olunsun.
Eyni zamanda, qanun layihəsində yazılıb ki, bu qanun 2007-ci il yanvarın 1-dən qüvvəyə minsin. Bu da mümkün olmayacaq, ona görə ki, artıq biz büdcəni təsdiq eləmişik. Bunun da maliyyə tutumu 100 mindir. Əgər nəzərə alsaq ki, əmək haqlarının artımı gözlənilir, bu rəqəm bir az da yüksək ola bilər.
Ona görə bütövlükdə komissiyamızın rəyi belə oldu ki, layihə ikinci oxunuş üçün mütləq çox ciddi surətdə işlənilsin. Birinci oxunuşda isə biz bunu konseptual baxımdan məqbul hesab edirik. Diqqətinizə görə minnətdaram.
Sədrlik edən. Sağ olun. Müzakirələrə başlayırıq. Elton Məmmədov, buyurun.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli deputat həmkarlarım, hörmətli dəvət olunan qonaqlar! Mən də hesab edirəm ki, qanunvericilik təşəbbüsü ilə müzakirəmizə təqdim olunmuş və dövlət büdcəsindən maliyyələşən təşkilatlarda vəzifə maaşına əlavələrin, mükafatların və digər təminatların vahid prinsipinin müəyyən edilməsini tənzimləyən qanun layihəsi aktuallığı və əməyin ödənilməsinin sistemləşdirilməsi baxımından diqqəti cəlb edən qanun layihələrindən biridir.
Mən hər iki həmkarımla, komissiya sədrləri ilə tamamilə razıyam ki, bu layihə birinci oxunuşda qəbul edilə bilər. Qanunvericilik təcrübəsinə istinad etsək, görərik ki, hər bir qanun layihəsi konseptual baxımdan qəbul ediləndə çoxlu boşluqlar olur. Onu qanun şəklinə salmaq üçün bizim kifayət qədər vaxtımız olacaq. Bu qanun layihəsi həmkarlarım tərəfindən deyilən iradlar nəzərə alınmaqla konseptual baxımdan qəbul edildikdən sonra onu mükəmməl qanun şəklinə sala biləcəyik. Ona görə bu qanunun vacibliyini bir daha vurğulayaraq deputat həmkarlarımı müzakirədən sonra bu qanun layihəsinə səs verməyə dəvət edirəm.
Hörmətli cənab Sədr, mən bu qanunun mövzusuna uyğun olaraq bir məsələyə toxunmaq istəyirəm. Çox hörmətli Ziyad müəllim də bayaq bu məsələyə toxundu. Bu, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlıdır. Bu qanunun məqsədi, əsas vəzifələri, prinsipləri, dövlət qulluqçuları ilə bağlı müəyyən edilmiş normalar haqda ətraflı məlumatımız olduğu üçün, cənab Sədr, mən birbaşa mətləbə keçərək həmin qanuna bu sahədə uzun müddət işləmiş şəxslərin hüquqları nöqteyi-nəzərindən bir cümlənin əlavə olunmasını şəxsən Sizdən xahiş edərək təklif etmək istəyirəm. Qanunun “İxtisas dərəcəsinin verilməsi” adlanan 17-ci maddəsinin 1-ci bəndinin ikinci cümləsinə “dövlət qulluqçusunun dövlət stajına 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında” sözlərindən sonra “eləcə də mərkəzi icra hakimiyyəti orqanları yaradılanadək həmin orqanların səlahiyyətlərini həyata keçirmiş idarə, təşkilat və müəssisələrdə iş müddəti də daxil edilir” ifadəsinin əlavə olunmasını məqsədəmüvafiq hesab edirəm.
Fikrimi əsaslandırmaq üçün bir neçə misal gətirmək istəyirəm. Əvvəllər mərkəzi icra hakimiyyəti orqanı kimi fəaliyyət göstərən müxtəlif idarələrin mərkəzi aparatlarının böyük iş stajına malik olan təcrübəli kadrları həmin orqanların səlahiyyətlərini yerinə yetirən, lakin dövrün tələbi ilə yeni yaradılan bir sıra nazirliklərin mərkəzi aparatlarına dövlət qulluğu vəzifələrinə təyin olunmamışlar. Lakin qanunun qeyd etdiyim maddəsində onların əvvəlki fəaliyyətinin “dövlət qulluqçusu” kateqoriyasına aid edilməməsi istər qulluq stajının hesablanması, istərsə də ixtisas dərəcəsinin verilməsi zamanı özünü qabarıq şəkildə göstərir. Ona görə dövlət qulluqçularının hüquqi məsələlərini tənzimləyən “Dövlət qulluğu haqqında” Qanuna həmin əlavənin edilməsinə zərurət yaranır. Mənim təklifim qəbul edilərsə, qanunda olan bu boşluq gələcəkdə aradan götürülə bilər. Ona görə, hörmətli cənab Sədr, Sizdən rica edirəm, qeyd etdiyim məsələni Milli Məclisin müzakirəsinə verəsiniz ki, bu qanunda olan boşluq aradan götürülsün.
Mən bir daha qeyd etmək istəyirəm ki, müzakirəsi gedən qanun layihəsi konseptual baxımdan birinci oxunuşun tələblərinə cavab verir. Ona görə hörmətli həmkarlarımı bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Səttar Möhbalıyev.
S. Möhbalıyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün müzakirəyə çıxarılan Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi haqqında qanun layihəsi olduqca aktualdır və zərurəti danılmazdır.
Ölkəmizin zəhmətkeşlərinin əmək haqqına aid məsələlər həmkarlar ittifaqı təşkilatının fəaliyyət dairəsinə daxildir. Ona görə bizim təşkilatlarımız bu məsələlərlə bağlı sənədlərə böyük həssaslıqla yanaşır. O da məlumdur ki, möhtərəm Prezident cənab İlham Əliyev tərəfindən bu problemin həlli daim diqqət mərkəzində saxlanır. Təkcə onu qeyd etmək kifayətdir ki, son 3 il ərzində ölkədə minimum əmək haqqının məbləği kəskin surətdə artırılaraq Avropa Sosial Xartiyasının tələblərinə yaxınlaşdırılmışdır. Xüsusilə qeyd etmək istəyirəm ki, təqdim olunan qanun layihəsi, əsasən, 2006-2007-ci illər üçün həmkarlar ittifaqları ilə hökumət və işə götürənlər arasında bağlanmış baş kollektiv sazişin müddəalarına uyğun hazırlanmışdır. Mən indi öz çıxışımda əmək haqqının pul gəlirlərində xüsusi çəkisini qeyd eləmək istəyirdim. Amma hörmətli Ziya müəllim bu barədə artıq geniş izahat verdiyi üçün mən buna toxunmaq istəmirəm.
Bu qanun layihəsində dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əmək haqqından söhbət gedir. Halbuki özəl sektorda çalışanların əmək haqqının artırılması daha müşkül və problemli bir məsələdir. Bayaq Ziya müəllim qeyd elədi ki, özəl tibb müəssisələrində çalışan işçilərlə dövlət xəstəxanalarında işləyən həkimlərin əmək haqqında böyük fərq var. Bu düzdür və bu fərq gələcəkdə də davam edəcək.
Bu nədən irəli gəlir? Əmək Məcəlləsində kollektiv müqavilələrin bağlanması barədə danışıqların aparılması həmkarlar təşkilatına həvalə olunur və həmkarlar təşkilatı özəl sektorda kollektiv müqavilələrin bağlanması üçün ciddi iş aparır. Biz bu sahədə böyük problemlərlə üzləşirik, həm də bu danışıqlar çox uzun sürən danışıqlar olur. Biz çalışırıq ki, həmin özəl şirkətlərdə çalışan işçilərin əmək və sosial hüquqlarını qoruya bilək. Yəni biz işəgötürən qarşısında əmək haqlarının artırılması ilə bağlı tələblər qoyuruq. Bu əmək haqlarının artırılması, əlbəttə, əsaslandırılmalıdır. Onların iqtisadi vəziyyətini təhlil eləyib və artım tempini nəzərə alaraq çalışırıq ki, bu kollektiv müqavilənin bağlanmasında əmək haqlarının artırılması öz əksini tapsın. Bir çox şirkət və müəssisələrdə buna nail ola bilsək də, bir çoxunda bu bir problemə çevrilir.
Bunları deməkdə mənim əsas məqsədim sözümü özəl sektorda çalışan işçilərə çatdırmaqdır. Onlar başa düşməlidirlər ki, müəyyən bir birlik, həmkarlar təşkilatı ətrafında sıx birləşməsələr əmək və sosial hüquqlarının qorunması sahəsində hər vaxt çətinliklərlə qarşılaşacaqlar. Bu barədə biz Əmək və Sosial Müdafiə Nazirliyi ilə tez-tez fikir mübadiləsi aparırıq və gələcəkdə də birgə addım atmağa hazırıq ki, hər bir iş yerində kollektiv müqavilə olsun.
Hörmətli həmkarlarım, bu kollektiv müqavilələrdə söhbət təkcə əmək haqqından deyil, bir çox sosial öhdəlikdən gedir. Kollektiv müqavilədə dövlətin nəzərdə tutduğu müavinətlərdən başqa əlavə güzəştlər də nəzərdə tutulur. Yəni uşaq məktəbə gedəndə, yeni uşaq doğulanda işçiyə əlavə pul güzəştləri edilir. Biz çalışacağıq ki, kollektiv müqavilələrdəki həmin öhdəliklər real surətdə həyata keçirilsin. Yəni bu, 3 nəfərin kabinetdə oturub, danışıq aparıb və sonradan imza atıb orada çalışan işçilərə təqdim etdikləri sənəd olmasın. Bu müqavilələr bağlananda, bu müddəalar müzakirə ediləndə orada çalışan işçilərin bundan xəbəri olsun və onlar öz fikirlərini, irad və iddialarını bildirsinlər.
Ölkə Prezidenti bu yaxınlarda Xaçmazda çıxış elədi və bildirdi ki, minimum əmək haqqının ildə iki dəfə artırılması nəzərdə tutulur. Bütün Azərbaycan xalqı bilir ki, ölkə Prezidenti cənab İlham Əliyev çox düzgün, dəqiq iqtisadi siyasət aparır və ölkəmizin büdcəsi günü-gündən inkişaf eləyir, artır. İqtisadi artım tempinə görə Azərbaycan ən irəlidə gedən dövlətlər sırasına daxil olubdur və mən əminəm ki, - bayaq biz dedik, - pul gəlirlərində əmək haqqının xüsusi çəkisi yaxın 10 ildə Prezident İlham Əliyevin başçılığı ilə ölkəmizdə 60-65 faizə çatdırılacaqdır. Mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli deputatlar! Məlum olduğu kimi, indiyə qədər dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsi iki üsulla həyata keçirilirdi. Birinci üsul dövlət başçısının sərəncamı ilə həyata keçirilirdi və “Dövlət qulluğu haqqında” Qanuna əsasən vəzifə tutan şəxslərin əmək haqqı bu sərəncamlarla müəyyənləşdirilirdi. İkinci üsulla, yəni Nazirlər Kabinetinin qərarları ilə sosial sferada çalışanların əmək haqqı tənzimlənirdi.
Bizə təqdim olunan layihədən aydın olur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan işçilərin əmək haqqının ödənilməsinin tənzimlənməsi artıq ayrıca qanun halına salınır. Bu, təqdir olunan ideyadır. Mən də o fikrin tərəfdarıyam ki, bu sahədə mütləq ayrıca bir qanun qəbul edilməlidir.
Dünya təcrübəsinə müraciət etsək, görərik ki, əmək haqqının müəyyənləşdirilməsində, əsasən, iki prinsip gözlənilir. Birinci prinsip ondan ibarətdir ki, əmək haqqının müəyyənləşdirilməsində əmək haqqının stimullaşdırılması əsas götürülməlidir. Yəni əmək haqqının artırılması tempi ehtiyacların ödənilməsinə yönəldilməlidir. Verilən əmək haqqı insanların ehtiyacını ödəməlidir. İkinci prinsip isə ondan ibarətdir ki, əmək haqları arasında əsaslandırılmamış böyük fərq olmamalıdır. Yəni aşağı əmək haqqı ilə yuxarı əmək haqqı arasında böyük fərq olmamalı, əmək haqları arasındakı kəskin fərq azaldılmalıdır.
Hesab edirəm ki, bizə təqdim olunan layihədə, əslində, bu iki məsələni özündə ehtiva edən prinsiplər olmalı idi. Ancaq çox təəssüf ki, əmək haqqının stimullaşdırılması prinsipi, aktivləşməsi prinsipi təqdim olunan layihədə yoxdur. Layihənin 1-ci maddəsindən aydın olur ki, bu qanunun məqsədi vəzifə maaşının, vəzifə maaşına əlavələrin, mükafatların və digər təminatların vahid prinsip əsasında müəyyən edilməsini tənzimləməkdir. Lakin qanunun sonrakı maddələrində 1-ci maddənin tələblərini tapa bilmirik. Aydın olur ki, qanunun özü, onun mahiyyəti qarşıya qoyulmuş bu vəziyyəti əks etdirmir.
Layihədə 3.2-ci maddə vardır. Bu maddə ilə müdafiə, prokurorluq, milli təhlükəsizlik, daxili işlər, gömrük, ədliyyə və digər sahələrdə çalışanlar ayrıca kateqoriyaya aid edilirsə, bu qanunun predmeti olmursa, bu o deməkdir ki, dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqqının müəyyənləşdirilməsində vahid prinsipdən yanaşmanın özü problemli məsələdir. Əlavə strukturlar da var ki, onları da bu qanunun predmetinə sığışdırmaq olmaz.
Mənim fikrimcə, əməyin mürəkkəbliyinin qiymətləndirilməsinə vahid yanaşma olmalı idi. Mən başa düşə bilmirəm ki, bu qanun qəbul olunandan sonra tutaq ki, məmurun əməyi ilə müəllimin əməyini necə vahid prinsiplə qiymətləndirə biləcəklər? Bu çox ciddi məsələdir, çünki bunlar fərdi əməklərdir. Siz məmur əməyini müəllim əməyindən yüksək qiymətləndirərək məmura yüksək əmək haqqı verirsiniz. Ancaq qərar verən hansı məmur sübut edə bilər ki, məmur əməyi müəllim əməyindən daha mürəkkəbdir? Yaxud tibb işçisinin haqqının ödənilməsinin aşağı səviyyədə olmasını nə ilə əsaslandırmaq olar. O vaxt vahid prinsip olardı ki, fərqli əmək şəraiti olmazdı, məsuliyyət fərqli olmazdı. Bunları ümumi prinsiplərlə müəyyənləşdirmək, mənim fikrimcə, mümkün deyil. Mən layihəni diqqətlə oxudum, ancaq bir suala cavab tapa bilmədim. Necə olur ki, ən yüksək səviyyəli müəllimin əmək haqqı ən aşağı ranqlı məmurun əmək haqqından da aşağı olur. Əslində, əmək haqları arasındakı kəskin fərqlər azaldılmalı və bunlar qanunda öz həllini tapmalıdır.
Ümumiyyətlə, layihədə əmək haqqı ilə bağlı maddələrə çox az yer verilib. Layihəni təhlil edəndə çox aydın görmək olur ki, burada əmək haqqının necə müəyyən edilməsi haqqında dəqiq prinsiplər yoxdur.
Qanun layihəsində əmək haqqına nisbətdə mükafat və digər təminatlara yanaşma tamam fərqlidir. Burada mükafat və digər təminatlar daha geniş əks etdirilmiş, onların müəyyən edilməsi qaydası dəqiq göstərilmişdir.
Vəzifə maaşının müəyyən edilməsindən bəhs edən 4-cü maddədə isə biz bu dəqiqliyi çox təəssüf ki, görmürük. 4-cü maddə adına görə bütövlükdə vəzifə maaşlarının və bu maaşlara əlavələrin məbləğini müəyyən edən maddə olsa da, əslində, bu maddə göstərilən məqsədə xidmət etmir və onun bütün bəndlərində, yəni 4.1-ci, 4.2-ci və 4.4-cü bəndlərdə dövlət büdcəsindən maliyyələşən və ayrı-ayrı kateqoriyalara daxil olan işçilərin vəzifə maaşlarını müvafiq icra hakimiyyətinin müəyyən edəcəyi təsbit olunur. Burada göstərilmir ki, müvafiq icra hakimiyyəti bu vəzifə maaşlarını hansı prinsiplər əsasında müəyyən edəcəkdir.
Bu qanun, əslində, prinsipləri müəyyənləşdirməlidir ki, müvafiq icra hakimiyyəti də həmin prinsiplərdən çıxış edərək əmək haqlarını əsaslandıra bilsin. Ancaq çox təəssüf ki, layihədə biz bunu görmürük. Bu prinsiplərsiz isə belə qanuna, məncə, ehtiyac yoxdur. Prinsiplərin olmaması o deməkdir ki, yenə də özfəaliyyət olacaq, yenə də müvafiq icra hakimiyyəti subyektiv qərarlar əsasında əmək haqlarını müəyyənləşdirəcək.
Biz demirik, qanunda göstərilsin ki, məmur və yaxud müəllim nə qədər əmək haqqı almalıdır. Biz deyirik ki, qanun qəbul olunursa, bu qanunda əmək haqqının təşkili prinsipləri dəqiq müəyyən olunmalıdır. Mən dövlət qulluqçularının əməyinin ödənilməsi ilə əlaqədar verilən sərəncamla bu layihənin bütün maddələrini müqayisə etmişəm. Bu sənəddəki bəzi müddəalar olduğu kimi yeni qanun layihəsinə köçürülmüşdür.
Əgər indiyə qədər əmək haqqının müəyyənləşdirilməsində istifadə olunan qaydalar olduğu kimi yeni qanun layihəsində öz əksini tapırsa, əmək haqqının müəyyənləşdirilməsində köhnə qayda dəyişmirsə, o halda bu qanunun qəbulunun nə mənası var? Əgər əmək haqqının müəyyənləşdirilməsində yeni qayda olacaqdırsa, qanun onu dəqiq göstərməli idi. Ancaq biz aydın görürük ki, yeni qanun layihəsi köhnə sistemdən fərqli heç nə demir. Ona görə təklif edirəm ki, bu layihə birinci oxunuşda qəbul edilməsin, təkrar işlənmək üçün geri qaytarılsın. Sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Mənim demək istədiyim bir sıra məsələlərə İltizam Əkbərli toxundu və hesab edirəm ki, hörmətli deputatın çıxışında ifadə etdiyi məsələlərə bu qanun layihəsini işləyib hazırlayan mütəxəssislər və konkret olaraq Milli Məclisin komissiyaları çox ciddi şəkildə diqqət yetirməlidirlər. Qanun bizim praktikaya uyğun olaraq, bu gün birinci oxunuşda qəbul olunacaqsa, – güman eləmək olar ki, olunacaqdır, – bu məsələlərə hər halda aydınlıq gətirilməlidir. Burada çox vacib olan məsələ ədalət prinsipidir. Ümumiyyətlə, istənilən sahədə bu və ya digər qanunvericiliyin əsas məsələlərindən biri ədaləti bərqərar eləməkdir. Çox təəssüflə qeyd eləmək lazım gəlir ki, bir sıra qanunvericilik aktlarında olduğu kimi, burada da həmin prinsip formal da olsa, öz əksini tapmamışdır və onun həyata keçirilməsinin mexanizmləri də yoxdur. İltizam Əkbərli də bu məsələlərə toxundu.
Ümumiyyətlə, dövlət büdcəsinin hesabına əməyi ödənilən işçilərin digər mühüm bir problemi onların əmək haqlarının inflyasiyadan qorunması mexanizmini ifadə eləyən qanunvericilik aktının olmamasıdır. Mən hesab edirəm ki, bu qanunun özündə də əmək haqqının qorunmasına təminat verən, heç olmasa, ən ümumi prinsipləri özündə əks etdirən müddəaları verməliyik. Söhbət burasındadır ki, hörmətli Ziyad müəllim, əmək haqqının artırılması faktiki olaraq bir çox işçilərin, o cümlədən dövlət büdcəsindən maliyyələşən işçilərin əmək haqları üçün yalnız indeksasiya xarakteri daşıyır və faktiki olaraq əmək haqqı inflyasiyadan doğan qiymət artımını ya ümumiyyətlə ödəmir, ya da onu yalnız kompensasiya eləmək dərəcəsində olur.
Hamımız bilirik ki, Milli Bankın elan elədiyi rəqəmlərə görə bu ilin 9 ayı ərzində 8,7 faiz inflyasiya elan olunmuşdur. Bunun ilin axırında 1 faiz də artması gözlənilir. Real olaraq isə, – yəni bunu müstəqil iqtisadçılar yox, bu sahəyə az-çox bələd olan adamların hamısı elan eləyirlər, – vaxtı çatmışdır ki, 14-15 faizlik inflyasiya rəsmən elan olunsun. Bu, iqtisadi idarəetmə üçün, əslində, zəruri olan məsələdir. Real inflyasiya isə bir sıra iqtisadçıların əsaslandırdığı kimi, əslində, 20 faizdən də çoxdur. Ona görə təkrar edirəm, qanunda əmək haqqının ödənilməsinin tənzimlənməsi ilə yanaşı, ona verilən təminatları ehtiva eləyən ümumi prinsip və konkret mexanizmlərə aid müddəalar da, məncə, əksini tapmalıdır.
Hörmətli deputatlar, bizim seçicilərimiz arasında dövlət büdcəsindən maliyyələşən işçilər, konkret olaraq müəllimlər, həkimlər, elm adamları, mədəniyyət və incəsənət xadimləri çoxdur. Onların hamısını maraqlandıran əmək haqları haqqında konkret bir proqnozun verilməsidir. Hörmətli Ziyad müəllim burada belə bir mühüm məsələyə toxundu ki, başqa proqnozların verilməsi ilə yanaşı, konkret olaraq əmək haqqının artımını, yəni inflyasiya nəzərə alınmaqla, heç olmasa, ən yaxın və orta müddət üçün ümumi rəqəmləri özündə əks edirən müəyyən əmək haqqı strategiyasının işlənib hazırlanması və elan olunması da vacibdir. Hələlik isə biz bir daha seçicilərimizə deməyə məcburuq ki, Milli Məclis onların əmək haqlarının artırılması sahəsində hansısa tapşırıq vermək imkanlarına malik deyildir və bu, yalnız müvafiq icra hakimiyyətinin səlahiyyətinə aid olan məsələdir. Ona görə də bu gün yüz minlərlə müəllim, həkim və incəsənət işçisi, elm işçiləri bu qədər aşağı maaş alırlarsa, şübhəsiz ki, bunun da məsuliyyətini icra hakimiyyəti daşımalıdır.
Mən belə düşünürəm ki, bunun yalnız icra hakimiyyətinin üzərinə qoyulması, əslində, doğru deyildir. Hər halda icra hakimiyyəti orqanlarında çalışan, bu siyasəti yürüdən vəzifəli şəxslər də, məncə, maraqlı olmalıdırlar ki, bütövlükdə əmək haqqı siyasəti həm də Milli Məclisin səlahiyyətlərinə, heç olmasa, ən ümumi şəkildə aid olan məsələyə çevrilsin və biz burada tövsiyə xarakterli, prinsip xarakterli qərarlar qəbul edək, dövlət büdcəsindən maliyyələşən, məsələn, müəllim və ya həkim ştatının minimum əmək haqqına dair qərarlar qəbul edək.
Yalnız ümumi şəkildə, ümumi miqyasda əmək haqqı göstəriciləri ilə əmək haqqı siyasətini yeritmək olduqca çətin olacaqdır. Yəqin ki, ikinci oxunuşa qədər bu qanun layihəsi üzərində ciddi iş aparılacaq və bu məsələ tətbiq olunacaqdır. Mən hörmətli İqtisadiyyat komissiyasından xahiş edirəm ki, digər sahələrdə olan komissiya üzvlərinin də bu işdə iştirakını təmin eləsin. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.
Ə. Məsimli. Çox sağ olun, cənab Sədr. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli dəvətlilər, xanımlar və cənablar! İqtisadi siyasət komissiyasında bu qanun layihəsi müzakirə olunarkən mən öz arqumentlərimi gətirərək bildirmişdim ki, bu qanun layihəsi yalnız təkmilləşdirildikdən sonra Milli Məclisin iclasına çıxarıla bilər. Amma prosedur ona gətirib çıxarıb ki, qanun təkmilləşdirilmədən, mükəmməlləşdirilmədən əsas iclasa çıxarılıb və indi ona görə bu qədər ağır ittiham xarakterli iradlar irəli sürülür. Bu da İqtisadi siyasət komissiyası üçün yaxşı deyil. Ona görə əgər prosedurda elə bir şey varsa, mən istərdim, o dəyişdirilsin. Komissiyanın imkanı olsun ki, çiy qanunları ümumi iclasa çıxarmadan qabaq təkmilləşdirsin, sonra Milli Məclisin müzakirəsinə versin. Bunun üçün bir neçə həftə, bəlkə də iki həftə kifayətdir. İki həftədən ötrü şəxsən mən bu qədər əlavə iradlara dözmək istəməzdim.
Mən niyə bu qanun layihəsi üzərində işin davam etdirilməsinin, ona bir daha ciddi surətdə baxılmasının tərəfdarı idim? Sovet hakimiyyəti dövründə ən qəliz məsələlərdən biri əməyin ödənilməsi sahəsində olan problemlər idi. Müstəqillik illərində bu sahədə, xüsusən əmək haqqı sisteminin, vahid tarif cədvəlinin təkmilləşdirilməsi istiqamətində müəyyən işlər görülüb. 1993-cü illə müqayisədə 1996-cı ilin vahid tarif cədvəlinin təkmilləşdirilməsi bir addım irəli, iki addım geri getmək demək idi. 2005-ci ildə irəli sürülən vahid tarif cədvəli mənim əlimdədir. Baxarsınız, 1996-cı ilə nisbətən bir addım irəli, iki addım geridir. Əgər orta əmək haqqı orta təbəqənin formalaşdırılmasına qadir deyilsə, demək, əmək haqqı sistemi əsaslı surətdə təkmilləşdirilməlidir.
Növbəti ciddi məsələ ondan ibarətdir ki, bu qanunun konsepsiyası qüsurludur. Ən azı ona görə ki, burada sosial ədalət prinsipi gözlənilməyib. Ən ciddi məsələlərdən biri bundan ibarətdir. Təhsil, səhiyyə, sosial təminat və bu kimi sahələr üzrə bu qanunda nəzərdə tutulan əlavələrin maliyyə tutumu 105 milyon manatdır. Onda sual olunur, bunun bir hissəsi artıq əvvəldən də mövcud idi, yerdə qalan hissəsi nə qədərdən ibarətdir? Bu suala Maliyyə Nazirliyi, əlaqədar təşkilatlar dəqiq cavab verməlidirlər. Bu qanunun həqiqi maliyyə tutumu nə qədərdir? 2007-ci ilin büdcəsində, həqiqətən, bu məbləğ nəzərdə tutulubmu? Əgər nəzərdə tutulmayıbsa, onda bu əlavə qarışıqlığa nə ehtiyac var?
Növbəti məsələ. Bu qanun layihəsində nəzərdə tutulan məqamların xeyli hissəsi Əmək Məcəlləsində öz əksini tapıb. Əmək Məcəlləsinin müvafiq maddələrinə müraciət etdikdə görürük ki, hərbi qulluqçular, məhkəmə hakimləri, Milli Məclisin deputatları ora daxil deyil. Əgər belədirsə, bu qanunun bir hissəsi Əmək Məcəlləsində, bir hissəsi “Dövlət qulluğu haqqında” Qanunda, digərlərindədirsə, onda ya oradakılar təkmilləşdirilməli, ya da orada olduğundan daha səlis, daha mükəmməl bir layihə ortaya çıxarılmalıdır. Amma çox təəssüflər olsun ki, əksinə, bu qanunun ortaya çıxması xeyli dərəcədə əlavə problemlər yaradır ki, bunların da hamısını vaxt az olduğuna görə demək mümkün deyil.
Amma mən bunların bir hissəsini qeyd eləməyə çalışacağam. Ən sadə misal. Necə olur ki, dövlət büdcəsindən maliyyələşən təşkilatlarda işçilərin əməyinin ödənilməsinin tənzimlənməsinə xidmət etməli olan bir qanunun artıq ikinci fəsli büdcə təşkilatlarını iki kateqoriyaya ayırıır və burada həmin kateqoriyalara aid tənzimlənmə yox, fərqləndirici elementlər öz əksini tapmağa başlayır? Bu isə, hesab edirəm ki, sosial ədalət prinsipinə xeyli dərəcədə zidd olan məqamdır.
Burada bir cəhəti qeyd eləyək. Bu gün bizim bütün qanunlarımızda regional məsələ öz əksini tapmalıdır. Bizim inkişafımız Bakıdan yox, regionlardan başlayacaq. Həqiqi inkişaf oradan başlayacaq. Orada pedaqoji kadrlara, deməli, 10 manat əlavə, 40 manat birdəfəlik müavinət, yaxud dəqiq desək, 11 manat və 44 manat veriləcək. Bu məbləğ simvolik xarakter daşıyır. Ona görə də Təhsil Nazirliyi regionlara mindən artıq işçi göndərsə də, yerlərdə riyaziyyat müəllimi coğrafiya dərsi də deyir, tarix dərsi də deyir, ədəbiyyat dərsi də deyir. Heç dahi Platon, Aristotel də ona risk eləməzdi ki, müxtəlif fənləri birdəfəlikdən desin. Yaxşı olmazmı ki, bilavasitə o stimulları bir az da artıraq, üstə gələk?
Bir cəhəti də mən deyim. Yerlərdə ingilis dili müəllimi, digər müəllimlər çatışmır. Yaxşı olmazmı ki, ipoteka kreditlərindən orada həyat şəraitini yaxşılaşdırmaq, şəhərdən yerlərə göndərilən müəllimlərin məişətini nizama salmaq, onları, doğrudan da, kəndin sakininə çevirmək üçün istifadə olunsun?
Bax, bu qanunun çatışmazlıqları barədə mən İqtisadi siyasət komissiyasının iclasında sözümü demişəm. İndi vaxt azdır, hamısını deyə bilmirəm. Bu deyilən iradların ədalətli cavabı yoxdur. Ona görə də hesab edirəm ki, bu qanun əsaslı surətdə təkmilləşdirildikdən sonra ikinci oxunuşa çıxarıla bilər. Təşəkkür edirəm.
Sədrlik edən. Dörd nəfər millət vəkili də çıxışa yazılıb. Çıxış etmək üçün təkid eləyən var?
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən də hesab edirəm ki, gələn iclasa saxlamaq lazımdır. Onda növbəti iclasa qədər. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi