2007-ci il 16 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  44

Milli  Məclisin  iclas  salonu.
16  mart  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 114 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

Artur Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Yaqub Eyyubov, Azərbaycan Respublikası Baş nazirinin birinci müavini.
Elçin Əfəndiyev, Azərbaycan Respublikası Baş nazirinin müavini.
Əli Həsənov, Azərbaycan Respublikası Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri.
Fikrət Məmmədov, Azərbaycan Respublikasının ədliyyə naziri.
Samir Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Heydər Babayev, Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri.
Füzuli Ələkbərov, Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri.
İsmət Abasov, Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri.
Misir Mərdanov, Azərbaycan Respublikasının təhsil naziri.
Oqtay Şirəliyev, Azərbaycan Respublikasının səhiyyə naziri.
Əli Abbasov, Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri.
Natiq Əliyev, Azərbaycan Respublikasının sənaye və energetika naziri.
Ziya Məmmədov, Azərbaycan Respublikasının nəqliyyat naziri.
Əbülfəs Qarayev, Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri.
Azad Rəhimov, Azərbaycan Respublikasının gənclər və idman naziri.
Hüseynqulu Bağırov, Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri.
Kəmaləddin Heydərov, Azərbaycan Respublikasının fövqəladə hallar naziri.
Gündüz Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri.
Qərib Məmmədov, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri.
Hicran Hüseynova, Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri.
Arif Vəliyev, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sədri.
Nazim İbrahimov, Azərbaycan Respublikasının Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin sədri.
Kərəm Həsənov, Azərbaycan Respublikası Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsinin sədri.
Hidayət Orucov, Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri.
İmran Mehdiyev, Azərbaycan Respublikasının Satınalmalar üzrə Dövlət Agentliyinin direktoru.
Arif Qaraşov, Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəisi.
Əlövsət Baxşıyev, Naxçıvan Muxtar Respublikasının Baş naziri.
Səlim Müslümov, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun sədri.
Şahmar Mövsümov, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru.
Elman Rüstəmov, Azərbaycan Respublikası Milli Bankı İdarə Heyətinin sədri.
Etibar Pirverdiyev, "Azərenerji" Səhmdar Cəmiyyətinin prezidenti.
Nizaməddin Rzayev, "Azərsu" Səhmdar Cəmiyyətinin prezidenti.
Yaşar Həsənov, “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri.
Əhməd Əhmədzadə, Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri.
Arif Əsgərov, Azərbaycan Dövlət Dəmir Yolunun rəisi.
Aydın Bəşirov, Azərbaycan Dövlət Xəzər Dəniz Gəmiçiliyinin rəisi.
Oqtay Haqverdiyev, Azərbaycan Respublikası Nazirlər Kabineti Aparatının İqtisadiyyat və maliyyə-kredit siyasəti şöbəsinin müdiri.
Abbas Allahverdiyev, Azərbaycan Respublikası Hesablama Palatası sədrinin müavini.
Nazim Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Vaqif Həsənov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Adil Məhərrəmov, Azərbaycan Respublikası Hesablama Palatasının auditoru.
Azər Bayramov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Heydər Əsədov, Azərbaycan Respublikası maliyyə nazirinin müavini.
Mikayıl Cabbarov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Niyazi Səfərov, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Sevinc Həsənova, Azərbaycan Respublikası iqtisadi inkişaf nazirinin müavini.
Şahin Mustafayev, Azərbaycan Respublikası vergilər nazirinin birinci müavini.
Ədalət Vəliyev, Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini.
Musa Pənahov, Azərbaycan Respublikası nəqliyyat nazirinin müavini.
Səfər Mehdiyev, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini.
İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyəti haqqında hesabatı.

İclasda qəbul edilmişdir:

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyəti haqqında hesabatı barədə” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                               O. ƏSƏDOV

MİLLİ  MƏCLİSİN  İCLASI

16  mart  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Hamınızı xoş gördük. Hörmətli deputatlar, xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 95
Yetərsay 83

Yetərsay var, iclasa başlaya bilərik.
Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Bildiyiniz kimi, Konstitusiyaya uyğun olaraq hər il Milli Məclisin yaz sessiyasının 5-ci iclasında Nazirlər Kabineti öz fəaliyyəti haqqında parlamentə hesabat verir. Hər dəfə bu hesabatların müzakirəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi sosial-iqtisadi inkişaf strategiyasının böyük uğurlarını təsdiq edir.
Ənənə halını almış bu müzakirələr Azərbaycanda dövlət hakimiyyətinin vəhdət şəklində həyata keçirildiyini, ölkəmizdə demokratik idarə üsulunun bərqərar olduğunu sübut edir. Bunun sayəsində qanunvericilik və icra hakimiyyətləri arasında əlaqələr daha da möhkəmlənir, iqtisadiyyatın səmərəli idarə edilməsi üçün əlverişli zəmin yaranır.
Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında Nazirlər Kabinetinin çox mühüm və böyük rolu vardır. Məmnunluq hissi ilə qeyd eləmək istəyirəm ki, Nazirlər Kabinetinin işinin səmərəli qurulmasına Milli Məclisdə keçirilən müzakirələr də öz töhfəsini verir. Mən əminəm ki, bizim bugünkü müzakirəmiz konstruktiv, işgüzar şəraitdə keçəcəkdir. Mən bütün millət vəkillərini müzakirədə fəal iştiraka dəvət edirəm. Hesabatı təqdim eləmək üçün Azərbaycan Respublikasının Baş naziri cənab Artur Rasizadəyə söz verilir. Buyurun, Artur müəllim.
A. Rasizadə, Azərbaycan Respublikasının Baş naziri.
Hörmətli Sədr, hörmətli millət vəkilləri! 3 il bundan öncə Azərbaycan iqtisadiyyatı iki həlledici xüsusiyyətlə xarakterizə olunan keyfiyyətcə yeni mərhələyə qədəm qoymuşdur. Birincisi, ümummilli liderimiz Heydər Əliyevin strateji sosial-iqtisadi kursunun uğurla davam etdirilməsi, ikincisi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin irəli sürdüyü yeni vəzifələrin tələblərinə uyğun iqtisadi və institusional islahatların dərinləşdirilməsidir.
Dövlət başçısı İlham Əliyevin rəhbərliyi və nəzarəti altında Nazirlər Kabinetinin fəaliyyətinin əsasını qeyd olunan istiqamətlər təşkil etmişdir. Ölkənin iqtisadi qüdrətinin sürətli artımını, qeyri-neft sektorunun, regionların, sosial sahənin və infrastrukturun inkişafını təmin edən kompleks tədbirlər ardıcıl, sistemli şəkildə həyata keçirilmiş, enerji təhlükəsizliyi, müdafiə qabiliyyətinin yüksəldilməsi, yoxsulluğun azaldılması, işsizlik probleminin həlli və Azərbaycanın dünya iqtisadi sistemində layiqli yerini tutması üçün əhəmiyyətli işlər görülmüşdür.
Ümumi daxili məhsulun həcmi 2003-cü ilə nisbətən müqayisəli qiymətlərlə 1,9 dəfə, onun adambaşına düşən hissəsi 2,7 dəfə, əhalinin pul gəlirləri 1,8 dəfə, orta aylıq əmək haqqı 2 dəfə, sosial yönümlü xərclər 7,8 dəfə, müdafiə xərcləri isə 2,4 dəfə artmışdır. Bu müddət ərzində ölkə iqtisadiyyatının inkişafına 14 milyard ABŞ dollarından artıq investisiya yönəldilmiş, büdcə gəlirləri və xərclərinin artımı 3 dəfədən çox olmuşdur.
Dövlət başçısı İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin hər il keçirilən geniş iclaslarında cari və strateji məsələlərin müzakirə olunması, müxtəlif problemlərin həlli ilə bağlı konkret tədbirlərin müəyyən edilib həyata keçirilməsi nəticəsində 2006-cı ildə də ölkə iqtisadiyyatının bütün istiqamətləri üzrə böyük nailiyyətlər əldə edilmişdir. Ümumiyyətlə, ötən il ölkə üçün böyük tarixi və iqtisadi əhəmiyyətli hadisələrlə xarakterizə olunur. Enerji təhlükəsizliyi sahəsində beynəlxalq əhəmiyyət kəsb edən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin işə düşməsi, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin tikintisi ulu öndərimiz Heydər Əliyevin neft strategiyasının təcrübəsini sübut edən iri miqyaslı layihələrdir. Daha bir önəmli hadisə isə Bakı-Tbilisi-Kars dəmir yolunun inşası ilə bağlı qərarın qəbul olunmasıdır.
Keçən il sosial-iqtisadi islahatların dərinləşdirilməsi istiqamətində aparılan işlər davam etdirilmişdir. Belə ki, ölkənin pensiya sistemində köklü islahatların aparılması məqsədi ilə zəruri qanunvericilik bazası yaradılmışdır. Ünvanlı sosial yardım sistemi tətbiq olunaraq 50 minə yaxın ailəyə ünvanlı sosial yardım göstərilmiş, ilk dəfə olaraq ipoteka kreditlərinin verilməsinə başlanmışdır.
Böyük iqtisadi və hətta siyasi əhəmiyyət kəsb edən milli valyutanın denominasiyası prosesi uğurla başa çatdırılmış, Naxçıvan Muxtar Respublikasının uzun illər davam edən qaz təchizatı problemi həll edilmişdir. Azərbaycanın ümumi inkişaf konsepsiyasında ətraf mühitin mühafizəsi, ekoloji vəziyyətin yaxşılaşdırılmasını təmin etmək məqsədi ilə 2006–2010-cu illər üçün xüsusi dövlət proqramı təsdiq edilmiş və artıq icra edilir.
Ötən il ümumi daxili məhsulun real artımı 34,5 faiz olmuş və 17,7 milyard manata çatmışdır. Bir çox beynəlxalq maliyyə və bank təşkilatlarının etirafına görə hazırda Azərbaycan dünyada ən dinamik inkişaf edən ölkələrin sırasındadır. Adambaşına düşən əlavə dəyər 2005-ci ilə nisbətən 33 faiz artaraq 2400 dollara çatmışdır. 2006-cı ildə dövlət büdcəsinin mədaxil hissəsi 101,2 faiz icra olunmuş və 2005-ci ilə nisbətən 1,9 dəfə artmışdır. Qeyri-neft sektorunda isə bu rəqəm 35 faiz olmuşdur. Dövlət büdcəsinin xərcləri 2005-ci ilə nisbətən 77 faiz artaraq 3,8 milyard manata çatmışdır.
Ölkənin müdafiə qabiliyyətinin gücləndirilməsi yenə də diqqət mərkəzində olmuşdur. Bu məqsəd üçün 640 milyon manat vəsait artırılmışdır ki, bu da 2005-ci ilə nisbətən 2,2 dəfə çoxdur. Bununla yanaşı, ordunun və dövlət sərhədlərinin möhkəmləndirilməsi, maddi-texniki təchizatın yaxşılaşdırılması məqsədi ilə zəruri olan bütün resurslar ayrılmışdır.
2006-cı ildə büdcə xərclərinin tərkibində dövlət kapital qoyuluşunun həcmini xeyli artırmaq mümkün olmuşdur. Belə ki, dövlət investisiya xərcləri 5,4 dəfə artaraq 720 milyon manata çatmışdır. Maliyyə-kredit təşkilatları tərəfindən 2006-cı il ərzində 65 faiz çox kredit ayrılmış, o cümlədən uzunmüddətli kreditlərin həcmi 2,3 dəfə artmışdır. Azərbaycanın ümumi valyuta ehtiyatları ötən ilin sonuna təqribən 4 milyard dollara çatmış və dövlətin xarici borcunu 86 faiz üstələmişdir. Bu bir daha ölkənin ödəmə qabiliyyətinin ildən-ilə artdığını göstərir və onun iqtisadi təhlükəsizliyini təmin edir. 2006-cı ildə dövlət büdcəsindən Sahibkarlığa Kömək Milli Fonduna ayrılmış vəsaitin həcmi 2 dəfə artırılmış və 2 mindən çox sahibkarlıq subyektinə güzəştli kredit verilmişdir.
Hesabat dövründə institusional islahatlar davam etdirilmişdir. Dövlət Dəniz Administrasiyası və Dövlət Mülki Aviasiya Administrasiyası, “Bakıelektrikşəbəkə” və “Sumqayıtelektrikşəbəkə” səhmdar cəmiyyətləri, ölkədə investisiyanın təşviqini və səmərəli istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır. Fövqəladə Hallar, Müdafiə Sənayesi, Sənaye və Energetika, İqtisadi İnkişaf nazirliklərinin əsasnamələri və strukturları təsdiq edilmişdir.
Dövlət əmlakının özəlləşdirilməsinin II Dövlət Proqramı çərçivəsində 3 mindən artıq müəssisə və obyekt özəlləşdirilmiş, onlardan 22-si səhmdar cəmiyyətinə çevrilmişdir.
İqtisadiyyatın bütün sahələrində də əhəmiyyətli artım müşahidə olunmuşdur. Ümumilikdə, sənayedə 2005-ci ilə nisbətən 30,6 faiz çox məhsul istehsal edilmişdir. Kimya sənayesində 14,9 faiz, maşınqayırmada 18,7 faiz, metallurgiyada 15,1 faiz, elektroenergetikada 6,9 faiz, sənayenin digər sahələrində 22,5 faiz artım təmin edilmişdir. Neft və qaz hasilatı müvafiq olaraq 45,3 və 18 faiz artmışdır.
Havaların kənd təsərrüfatı üçün əlverişsiz keçməsinə baxmayaraq, bu sahə üzrə istehsal 0,9 faiz artmışdır.
2006-cı ildə iqtisadiyyatın inkişafına bütün maliyyə mənbələri hesabına 6 milyard manat həcmində investisiya yönəldilmişdir. Bu da 2005-ci ildəkindən 14,8 faiz çoxdur. Qeyd etmək lazımdır ki, daxili kapital qoyuluşunun payı 2003-cü ildəki 24,8 faizdən 46 faizə yüksəlmişdir.
Ölkənin müxtəlif bölgələrində 45 min şagird yerlik məktəblər, 635 çarpayılıq xəstəxanalar, 1,2 milyon kvadratmetr yeni mənzil sahəsi, 281 min nömrəlik avtomat telefon stansiyaları, Bakıda iki yol ötürücüsü, Gəncədə beynəlxalq hava limanı, İmişlidə şəkər zavodu, Naxçıvanda, Astarada, Şəkidə və Xaçmazda modul tipli elektrik stansiyaları, Lənkəranda tikiş fabriki, Lerik və Yardımlı rayonlarında qaz kəməri və digər çoxsaylı obyektlər tikilib istifadəyə verilmişdir. Bu dövrdə 477 min elektrik və 482 mindən çox qaz sayğacı quraşdırılmışdır. Bununla yanaşı, respublikanın bütün şəhər və rayonlarında böyük həcmdə abadlıq işləri görülmüşdür.
Nəqliyyat sahəsində yük və sərnişin daşınması 2005-ci ilə nisbətən müvafiq olaraq 13 və 6,3 faiz, rabitə xidmətlərinin həcmi isə 24 faiz artmışdır.
2006-cı ildə daxili ticarət dövriyyəsinin və əhaliyə göstərilən pullu xidmətlərin ümumi həcmi 18,4 faiz artmışdır ki, bu da əhalinin alıcılıq qabiliyyətinin durmadan yüksəldiyini göstərir. Ötən il xarici ticarət dövriyyəsi 37,4 faiz artaraq 11,6 milyard dollara çatmışdır və xarici ticarətdə müsbət saldo 1,1 milyard təşkil etmişdir.
Hesabat ilində makroiqtisadi siyasətin səmərəliliyinin əsas göstəricilərindən biri olan inflyasiyanın nəzarətdə saxlanması üçün bir sıra əməli işlər görülmüşdür. Dövlət başçısı cənab İlham Əliyevin antiinflyasiya tədbirlərinin gücləndirilməsi ilə bağlı verdiyi fərmanda qoyulan vəzifələrin həyata keçirilməsi nəticəsində inflyasiyanın təzyiqinə baxmayaraq, keçən il nəzərdə tutulduğu kimi, onu bir rəqəmli, yəni 8,3 faiz səviyyəsində saxlamaq mümkün olmuşdur. Antiinflyasiya tədbirlərindən biri kimi kənd təsərrüfatı məhsullarının yarmarka satışının təşkili onların qiymət artımının qarşısını əhəmiyyətli dərəcədə almışdır.
Əhalinin nominal pul gəlirləri 2005-ci illə müqayisədə ötən il 23,4 faiz artmış və adambaşına düşən məbləğ orta hesabla ayda 81 manatdan 99 manata çatmışdır. Nəticədə pul gəlirlərinin artım sürəti inflyasiya səviyyəsini 2,8 dəfə üstələmişdir. 2006-ci ilin dekabr ayında orta aylıq əmək haqqı 20 faiz artaraq 151 manat təşkil etmişdir. Əhalinin banklardakı əmanətləri 66 faiz, o cümlədən milli valyuta ilə qoyulmuş əmanətlər 4,4 dəfə artaraq 820 milyon manata çatmışdır.
Yoxsulluğun azaldılması Proqramı uğurla həyata keçirilir. 2006-cı ilin nəticələri göstərir ki, yoxsulluq həddinin 52 manatdan 58 manata qədər qaldırılmasına baxmayaraq, yoxsulluğun səviyyəsi ötən ilin sonuna 20,8 faizədək düşmüşdür. Hesabat ilində 174 min yeni, o cümlədən 102 min daimi iş yeri açılmışdır. Bunun da 84 faizi regionların payına düşür.
Həmişə olduğu kimi, qaçqın və məcburi köçkünlərin problemlərinin həlli ilə əlaqədar əhəmiyyətli işlər görülmüşdür. Onların yaşayış şəraitinin və maddi vəziyyətinin yaxşılaşdırılmasına, ümumilikdə, 224 milyon manat vəsait sərf edilmişdir ki, bu da 2005-ci ilə nisbətən 40 faiz çoxdur. Dövlət Neft Fondundan ayrılan 110 milyon vəsait hesabına Ağdam və Ağcabədi rayonlarında 13 müasir qəsəbə tikilib istifadəyə verilmişdir.
Ötən il Azərbaycanda beynəlxalq, siyasi, iqtisadi və humanitar münasibətlərin genişləndirilməsi prosesi davam etdirilmişdir. Belə ki, Bakıda 30-dan çox beynəlxalq tədbir keçirilmişdir. Bunlardan İqtisadi Əməkdaşlıq Təşkilatının 9-cu Zirvə toplantısını və İƏT Nazirlər Şurasının 16-cı iclasını, İslam Konfransı Təşkilatına üzv olan ölkələrin xarici işlər nazirlərinin 33-cü və turizm nazirlərinin 5-ci konfranslarını, BMT-nin Mərkəzi Asiya və Azərbaycanın iqtisadiyyatı üçün Xüsusi Proqramın idarəetmə şurasının iclasını və biznes forumu, İslam İnkişaf Bankının beynəlxalq investisiya konfransını və sairəni göstərmək olar.
Hörmətli millət vəkilləri, hərtərəfli tərtib edilmiş hesabat Milli Məclisə əvvəlcədən təqdim olunmuşdur. İlk dəfə olaraq hesabatda axırıncı müzakirədə deputatlar tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası barədə məlumat da öz əksini tapmışdır.
2006-cı ildə yuxarıda qeyd olunan nailiyyətlərlə yanaşı, həllini sona qədər tapmamış problemlər də olmuşdur. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev yanvar ayının 22-də Nazirlər Kabinetinin 2006-cı ilin yekunlarına həsr olunmuş iclasındakı çıxışında bunların üzərində ətraflı dayanmışdır. Dövlət başçısının proqram xarakterli yekun nitqində verdiyi tapşırıqlar, müəyyən etdiyi taktiki və strateji vəzifələr fəaliyyətimizin səmərəliliyinin daha da artırılmasına əlavə təkan verəcəkdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabineti 2007-ci ildə qarşıda duran vəzifələrin icrası üçün bütün tədbirlərin görülməsini təmin edəcəkdir. Hörmətli deputatlar, imkandan istifadə edərək üzümüzə gələn Novruz bayramı münasibəti ilə hamınızı təbrik edir, işinizdə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, cənab Baş nazir. Hörmətli millət vəkilləri, müzakirəyə başlayırıq. Xahiş edirəm, yazılasınız. Yazılanların sayı 50 nəfərə yaxındır. Ona görə müzakirəyə siyahı ilə başlayırıq. Mikrofonların hamısı işləyir. Aydın Abbasov.
A. Abbasov. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli qonaqlar, hörmətli həmkarlar!
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Qoy çıxışını etsin, sonra bu barədə deyərəm.
A. Abbasov. Hesabata diqqət yetirdikdə görürük ki, ulu öndər Heydər Əliyevin rəhbərliyi altında hazırlanmış və hazırda Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilən sosial-iqtisadi siyasət öz nəticələrini göstərməkdədir. Uğurla həyata keçirilən strategiya nəticəsində ölkə iqtisadiyyatının strukturu mülkiyyət və təşkilati hüquqi baxımdan köklü surətdə dəyişdirilmişdir. Kiçik və orta sahibkarlığa göstərilən diqqət və qayğı nəticəsində iqtisadiyyatda özəl sektorun payı artmışdır. Son iki ildə özəl sektorun ümumi daxili məhsuldakı payı 73 faizdən 81 faizə qalxıb. Bu, ölkəmizdə sahibkarlığın hərtərəfli inkişafını göstərir. Hesabatdan göründüyü kimi, Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində son iki-üç ildə regionlarda sosial-iqtisadi canlanma müşahidə olunur. Bu proqram ölkənin inkişafında regionlar arasında qeyri-bərabərlik meyllərinin aradan qaldırılması, sahibkarlığın bütün regionlarda inkişafının sürətləndirilməsi, əmək ehtiyatlarından, təbii və iqtisadi potensialdan səmərəli istifadə edilməsi baxımından, həqiqətən, müstəsna əhəmiyyət kəsb edir.
2006-cı ilin dövlət büdcəsi sosial və investisiya yönümlü olmaqla yanaşı, büdcədən bir sıra mühüm dövlət proqramları maliyyələşdirilmişdir. Xüsusilə də dövlət büdcəsindən maliyyələşən daxili investisiyaların dəfələrlə artması müsbət hal kimi qeyd olunmalıdır. Belə ki, bu investisiyaların ümumi investisiyalarda payı 23 faizədək yüksəlmişdir. İqtisadiyyata qoyulmuş investisiyaların 84,8 faizi istehsal təyinatlı obyektlərin, 15,2 faizi qeyri-istehsal təyinatlı obyektlərin inşasına yönəldilmişdir. Qeyd etmək lazımdır ki, bu investisiyaların nəticəsi olaraq minlərlə yeni iş yeri açılmışdır.
Qeyd olunan nailiyyətlərlə yanaşı, bəzi məqamlara da diqqət yetirilməsi məqsədəuyğun olardı. Belə ki, hesabatdan göründüyü kimi, ümumdaxili məhsulun strukturu dəyişikliklərə məruz qalmışdır. Neft istehsalının yüksək templə artması nəticəsində iqtisadiyyatın digər sahələrinin ümumdaxili məhsulda payı aşağı düşmüşdür. Xüsusilə də bu, vacib istehsal sahəsi olan kənd təsərrüfatında hiss olunur. Qeyd etmək istərdim ki, kənd təsərrüfatı strateji sahə olmaqla yanaşı, həm də əhalinin böyük hissəsinin həyat tərzi deməkdir. 2005-ci ilə nisbətən 2006-cı ildə bəzi kənd təsərrüfatı mallarının istehsalının aşağı düşməsini müşahidə edirik. Ölkədə istehlak olunan kənd təsərrüfatı mallarının strukturunda idxalın yüksək əksi qalmaqdadır. Baxmayaraq ki, bu malların istehsalı üçün respublikada yetərincə istehsal gücləri və xammal mövcuddur.
Hörmətli Sədr, bizim bir qrup adından bəzi təkliflərimiz var. Qeyd olunanlara əlavə olaraq, ölkədə lizinq xidmətləri bazarının inkişafına dair də bir sıra təkliflərimiz var. Bu gün lizinq Azərbaycan iqtisadiyyatında yeni maliyyələşdirmə mexanizmidir. Lizinq xidmətləri bazarı aktiv və davamlı inkişaf etməkdədir. Ölkə rəhbərliyi tərəfindən kənd təsərrüfatının maddi-texniki bazasının möhkəmləndirilməsi və kənd təsərrüfatı məhsullarının istehsalatçılarına texniki və aqrokimya xidmətlərinin göstərilməsi məqsədilə “Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin yaradılması böyük əhəmiyyət daşıyır. İstehsalla məşğul olan kiçik və orta sahibkarlıq üçün lizinq müstəsna rol oynayır. Buna baxmayaraq, ölkədə bu sahənin inkişafına əngəl törədən amillər mövcuddur.
Hazırda bu sahə iki normativ aktla – Azərbaycan Respublikasının Mülki Məcəlləsi və Vergi Məcəlləsi ilə tənzimlənir. Qeyd etmək lazımdır ki, mövcud qanunvericilik lizinqin üstünlüklərindən tam istifadə etməyə imkan vermir. Təbii ki, burada ən əsas maneə dəyər vergisinin tətbiqi ilə bağlıdır. Belə ki, lizinq şirkətləri avadanlıq aldıqda əlavə dəyər vergisini ödəyirlər. Lakin lizinq üzrə ödənişlər bu vergidən azaddır. Lizinq şirkətləri dövlətə vergi ödədikdə əlavə dəyər vergisinin əvəzləşdirilməsini apara bilmirlər, son nəticədə lizinq şirkətləri bu xərcləri avadanlığın qiymətinə otuzdurmaqla lizinq alanın xərclərini artırırlar. Bu da öz növbəsində lizinq xidmətinin maliyyələşdirilməsini digər növləri ilə müqayisədə rəqabətliliyi aşağı salır. Qeyd olunan məsələlərin vacibliyini nəzərə alaraq, hesab edirəm ki, cari ildə bunların həlli istiqamətində konkret işlər görülməlidir.
Hörmətli Sədr, digər təkliflərimi də burada səsləndirmək istərdim. İkinci təklifim ondan ibarətdir ki, qeyri-neft sektorunun inkişafı üçün müvafiq vergi və gömrük siyasəti vasitəsilə daxili bazarın qorunmasına yönələn tədbirlər sərtləşdirilməlidir. Xüsusi diqqət kənd təsərrüfatı mallarının istehsalına və bütövlükdə aqrar sənaye kompleksinin bərpasına yönəldilməlidir. Ölkə ərazisində aparılan tikinti işlərinin nizama salınması və əhalinin təhlükəsizliyinin təmin edilməsi üçün respublikanın seysmoloji xəritəsi tərtib edilməlidir. O cümlədən, Bakı şəhərinin Baş planı təsdiq edilməlidir.
Ölkəyə daxil olan valyutanın həcmi nəzərə alınaraq antiinflyasiya tədbirlərinin səmərəliliyi artırılmalı və büdcə xərclərinə nəzarət mexanizmi təkmilləşdirilməlidir. Ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində də səylər artırılmalıdır. Əhalinin real gəlirlərinin, istehlak səbətinin və inflyasiya göstəricilərinin hesablanması metodologiyasına xarici ölkələrin təcrübəsi nəzərə alınmaqla yenidən baxılmalıdır.
Axırıncı təklifim budur ki, yeni iş yerlərinin yaradılması məqsədi ilə investisiya layihələrinin istehsal sahələrinə yönəldilməsinə xüsusi diqqət yetirilməlidir. Hörmətli Sədr, hörmətli Baş nazir! Ümumilikdə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı ildəki fəaliyyətini müsbət qiymətləndirirəm və hesabatın qəbul olunmasını təklif edirəm. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, dediyim kimi, çıxışa 50-dən çox adam yazılıb. 50-dən yuxarı ad isə siyahıya yerləşmir. Kimi maraqlandırır, bir-bir deyəcəklər. Hamının adı siyahıda var. Sual vermək istəyənlər varsa, yığcam şəkildə versinlər. Hüseyn Abdullayev.
H. Abdullayev. Oqtay müəllim, mən Baş nazirin hesabatına qulaq asdım. Nə vaxta kimi biz bunların nağılına qulaq asmalıyıq və nə vaxta kimi bunlar millət vəkillərini təhqir etməlidirlər? Əgər biz – millət vəkilləri hesabata qədər bizə lazım olan dövlət əhəmiyyətli məlumatları ala bilmiriksə, əgər cənab nazirlər xalqın seçdiyi millət vəkillərinin sorğularına məhəl qoymurlarsa, onda nəyə görə biz bu hesabatları, ümumiyyətlə, bu qanunları qəbul edirik? Şəxsən mən bu hesabatı qəbul etmirəm. Təklif edirəm, deputat sorğularına aid xüsusi bir nəzarət mexanizmi yaradılsın və Nazirlər Kabineti bilsin ki, bizim də üzərimizdə böyük məsuliyyət var. Bu barədə möhtərəm Prezidentimiz İlham Əliyev 2006-cı il oktyabr ayının...
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Mən çox üzr istəyirəm, qulaq asın, sən Milli Məclisin iclasındasan. Xahiş edirəm. Siyahıda varsan, çıxış eləyərsən.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Sağ ol, düz danışırlar. Keçən dəfəki kimi danışırsınızsa, durun, çıxın, gedin. Xahiş edirəm, iclasın gedişinə maneçilik eləməyin.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Ayıb olsun hamıya, hərə öz səviyyəsini göstərir. Müzakirəni davam eləyirik. Əli Hüseynov, buyurun.
Ə. Hüseynov. Çox sağ  olun. Cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət nümayəndələri! Biz cənab Baş nazirin məruzəsini dinlədik. Ümumilikdə, hamımızın fikri ondan ibarətdir ki, son dövrlər ölkənin sosial-iqtisadi həyatının bütün istiqamətlərində çox böyük nailiyyətlər əldə olunmuşdur. Bunları danmaq mümkün deyil. Bir neçə sahə üzrə - həm qeyri-neft sektoru, həm regionların, həm sosial sahə və infrastrukturun inkişafı, həm də enerji təhlükəsizliyi sahəsində hökumət tərəfindən həyata keçirilən tədbirlər və bütövlükdə Prezident tərəfindən xarici iqtisadi əlaqələrin genişlənməsi ölkənin iqtisadi həyatında çox mühüm rol oynamışdır.
Burada cənab Baş nazir bir neçə rəqəm səsləndirdi. Həqiqətən də, 2006-cı il həm xarici, həm də daxili investorlar üçün cəlbedici bir il olmuşdur və Azərbaycana təxminən 7 milyard dollar sərmayə qoyulmuşdur. Eyni zamanda, bütövlükdə ölkənin valyuta ehtiyatları 4 milyard ABŞ dolları səviyyəsinə çatmışdır. Bu, təkcə iqtisadi dəstək, iqtisadi uğur deyil, eyni zamanda, həm siyasi, həm də Azərbaycan və azərbaycanlılar üçün mənəvi dəstəkdir. Bütövlükdə Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyəti haqqında hesabatın forması və tərtibatı hökumətin fəaliyyətindəki yeniliklərdən xəbər verir. Cənab Baş nazir də qeyd etdi, hesabatda millət vəkilləri tərəfindən irəli sürülmüş təklif və tövsiyələrin icrası ilə bağlı xüsusi məlumatın dərc olunması, hesab edirəm ki, parlament və hökumət arasında konstruktiv əməkdaşlığın bariz bir nümunəsidir. Sözsüz ki, cənab Prezidentin parlamentdə və hökumətin 2006-cı ilin yekunlarına həsr olunmuş iclasında etdiyi çıxışlarda irəli sürdüyü mühüm bir fikri hamımız rəhbər tutmalıyıq. Bu maliyyə axını, əlbəttə, bizi maliyyə nəzarətini gücləndirməyə, maliyyə şəffaflığını artırmağa vadar edir. Hesabatdan da görünür ki, hökumət 2006-cı ildə həm idarəçilik islahatları, – müəyyən struktur dəyişiklikləri, yeni nazirliklərin yaradılması, –həm müasir informasiya, kommunikasiya texnologiyalarının tətbiqi, həm də beynəlxalq qurumlarla əməkdaşlıq və qabaqcıl təcrübəyə söykənən islahatların həyata keçirilməsi sahəsində aktiv olmuşdur.
Bununla yanaşı, mən bir neçə digər qeydlərimi də bildirmək istəyirəm. Hesab edirəm ki, bütövlükdə hökumətin qəbul etdiyi qərarların, normativ aktların, ayrı-ayrı nazirliklərin, komitələrin verdikləri əmr və sərəncamların bütövlükdə qanunvericiliyə uyğunluğu baxımından ekspertizasına ehtiyac vardır. Hesabatdan gördüyünüz kimi, VII fəslin 7-ci bəndi korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə həsr olunub. Hesab edirəm ki, bu mütərəqqi bir haldır. 2005-ci ildə də belə bir bənd var idi. Amma düşünürəm ki, korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı daha geniş və ətraflı məlumat vermək lazımdır.
Sədrlik edən. Xahiş edirəm, biri-birimizə hörmət eləyək. Bura Milli Məclisdir, buranı bazara çevirməyin. Buyurun, Əli müəllim.
Ə. Hüseynov. Ola bilər ki, hökumət üzvləri hesab ediblər ki, Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramının 2004-2006-cı ildə icrası ilə bağlı xüsusi bir məruzə dərc olunub. Burada da geniş məlumatlar əks olunub. Amma hesab edirəm, hökumətin də hesabatında korrupsiyaya qarşı mübarizə sahəsində görülən işlər, təkliflər öz əksini tapmalı idi. Prezident fərmanlarının icrası ilə bağlı Nazirlər Kabinetinin qərarlarının da, hesab edirəm ki, müəyyən mənada daxili monitorinqinə ehtiyac var.
Mən çıxışlarımın birində qeyd etmişdim və yenə də qeyd etmək istəyirəm, ümummilli liderimizin çox mühüm, əhəmiyyətli fərmanları və sərəncamları var. Bunlardan biri də 2000-ci ildə “Dədə Qorqud” tarixi-etnik kompleksinin yaradılması ilə bağlı” verdiyi fərmandır. Bu fərmanın müddəalarına görə “Gənclik” yaşıllıq massivində heykəl qoyulmalı və tarixi-etnik kompleks yaradılmalı idi. Bu fərmanın ancaq bir hissəsi Nəqliyyat Nazirliyi tərəfindən icra olunub. Uşaq Dəmir Yolu Mərkəzi yenidən bərpa olunub. Amma, təəssüf ki, bütövlükdə hökumət tərəfindən və yerli icra hakimiyyəti orqanları tərəfindən bu fərman icrasız qalıb. Prezidentin İcra Aparatında Dövlət nəzarəti şöbəsi fəaliyyət göstərir; fərmanların, sərəncamların icrasının nəzarət mexanizmi mövcuddur. Hesab edirəm ki, Nazirlər Kabinetində də belə bir daxili monitorinq qurumunun yaradılmasına ehtiyac vardır. Eyni zamanda, hesab edirəm ki, qəbul olunmuş normativ sənədlərin, – söhbət bütün səviyyələrdən gedir, – mübarizə baxımından ekspertizasına ehtiyac vardır.
Hər birimizə məlumdur ki, düzgün kadr siyasəti, kadrların düzgün yerləşdirilməsi fəaliyyətimizdə mühüm yer tutur. Bu baxımdan, hesab edirəm ki, nazirliklərdə və komitələrdə dövlət qulluğuna işə qəbulun müsabiqə yolu ilə və şəffaf həyata keçirilməsi bütövlükdə həllini tapmalıdır. Bir sıra qurumlar bu məsələni həll ediblər. Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Dövlət Gömrük Komitəsi, Xarici İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və bir sıra digər nazirliklərdə bu məsələ öz həllini tapıb. Amma bu məsələni həll etməmiş, yəni dövlət qulluğuna işə qəbulu müsabiqə yolu ilə həyata keçirməyən nazirliklər və komitələr də var. Hesab edirəm ki, işi bu formada qurmaq lazımdır. Çünki bu, cənab Prezidentin qarşımıza qoyduğu tələblərdən biridir.
Eyni zamanda, qeyd etməliyəm ki, hələlik bir sıra nazirliklərin fəaliyyətini əks etdirən internet səhifələr ya yaradılmamışdır, ya da müasir tələblərə cavab verən səviyyədə deyil. Xarici əlaqələrlə bağlı hesab edirəm ki, bu çox vacibdir. Üstəgəl vətəndaşların dövlət orqanlarının, nazirliklərin, komitələrin fəaliyyəti ilə bağlı çevik məlumat alması baxımından internet səhifələrinin yaradılması zəruridir. Məncə, artıq buna kifayət qədər maliyyə imkanları da vardır.
Digər bir məsələyə də toxunmaq istəyirəm. Sözsüz ki, müasir dövrdə həm qanunvericiliyin, həm də maliyyə nəzarətini həyata keçirən orqanların fəaliyyətinin təkmilləşdirilməsi və sistemləşdirilməsi çox zəruri məsələdir. Bu baxımdan hesab edirəm ki, həm hökumətin, həm də parlamentin qarşısında duran mühüm məsələlərdən biri Dövlət maliyyə nəzarəti haqqında qanunun qəbul olunmasıdır. Hesab edirəm ki, bu, bütövlükdə büdcənin də icrasına çox müsbət təsirini göstərəcəkdir. Hazırda hökumət tərəfindən bu sənədlərin üzərində iş gedir. Dünya Bankının ekspertizası həyata keçirilir. Amma hesab edirəm ki, biz gərək qarşılıqlı əməkdaşlıq sayəsində bu işi sürətləndirək.
Hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hesab edirəm ki, 2006-cı ilin yekunları barədə cənab Baş nazirin məruzəsi onu deməyə əsas verir ki, 2006-cı il üçün nəzərdə tutulmuş proqramlar əsas etibarı ilə yerinə yetirilmişdir və Nazirlər Kabinetinin hesabatı, fəaliyyəti qənaətbəxş hesab olunmalıdır. Bununla yanaşı, qeyd etməliyəm ki, qarşıda yeni vəzifələr durur. Sözsüz ki, bir tərəfdən çox böyük məbləğdə olan xarici sərmayələri, bütövlükdə xərcləri səmərəli idarə etmək, onların həcmini artırmaq və eyni zamanda, bu artan maliyyə imkanlarından iqtisadiyyatın ümumi meyllərinə vurula biləcək zərərlərin də qarşısını almaq qarşımızda duran mühüm vəzifədir. Bu vəzifələrin yerinə yetirilməsində sizə uğurlar arzulayıram. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Əli Əhmədov.
Ə. Əhmədov. Çox sağ olun, Oqtay müəllim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri! Bu gün Milli Məclisdə Azərbaycan hökumətinin 2006-cı ildəki fəaliyyəti ilə əlaqədar hesabat müzakirə olunur. Düşünürəm ki, kifayət qədər məsuliyyətli və hər bir Azərbaycan vətəndaşını və Azərbaycan vətəndaşlarının seçdiyi deputatları ciddi şəkildə maraqlandıran məsələnin müzakirəsinə yığılmışıq. Təəssüf hissi ilə qeyd eləmək istəyirəm ki, bir neçə dəfə Milli Məclisdə bəzi insanlar öz maraqlarından çıxış eləyərək müzakirəni pozmağa cəhd göstərirlər və bu gün də belə bir cəhdin şahidi olduq. Təbii, deputat kimi, bütövlükdə hər bir seçicinin səsinə hörmətimi ifadə edirəm və seçilmiş hər bir deputata da hörmət etmək borcumuzdur, amma hesab edirəm ki, seçicilərin səsini toplayaraq Milli Məclisin deputatı statusunu qazanmış hər bir insan həm ona səs vermiş insanların səsinə, həm Azərbaycan Respublikasının Milli Məclisinə, həm də Azərbaycanın hökumətinə hörmət bəsləməyi bacarmalıdır. Digər bir tərəfdən də, güman edirəm ki, hər bir insanın, o cümlədən deputatın da əxlaqi-mənəvi keyfiyyətləri yerində olmalıdır. Mən belə hesab edirəm ki, burada oturan deputatlardan heç biri razı olmaz ki, əxlaqi-mənəvi keyfiyyətləri yerində olmayan insanlar burada öz iddialarını həyata keçirməkdən ötəri səs-küy salsınlar. Mən hesab edirəm, deputatlarımız buna imkan verməyəcəklər və güman edirəm ki, bu bizim Milli Məclisimizdə axırıncı belə hadisə olacaqdır.
Mən düşünürəm ki, bu gün bizə təqdim olunan hesabat 1 il ərzində Azərbaycan hökumətinin həyata keçirdiyi geniş miqyaslı işləri özündə əks etdirir. Hər bir Azərbaycan vətəndaşı, o cümlədən də deputatlar bunları həyatımızda baş verən dəyişikliklərdən çox yaxşı bilirlər. Məmnunluq hissi ilə qeyd eləmək lazımdır ki, son bir neçə ildə Azərbaycan sürətlə irəlilədiyini sübut edibdir. Hətta Azərbaycanın özünəməxsus yeni bir iqtisadi inkişaf modelinin formalaşdığı haqqında fikirlər də səslənməkdədir. Bu səsləndirilən fikirlər üçün də çox ciddi əsaslar mövcuddur. Artıq dünyanın bir çox tanınmış iqtisadi qurumları birmənalı şəkildə etiraf edirlər ki, Azərbaycan indi iqtisadi inkişaf tempinə görə dünyada ən yüksək göstəricilərə malik olan ölkədir. Təbii ki, belə bir göstəricilərin əldə edilməsi ölkəmizdə uğurla həyata keçirilən iqtisadi və sosial siyasətin bilavasitə nəticəsidir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında müəyyənləşdirilmiş iqtisadi-sosial inkişaf proqramları özünün hərtərəfli cəhətdən əsaslandırıldığını son illərdə Azərbaycanda müşahidə olunan iqtisadi inkişaf tempində özünü göstərir. Bu göstəricilərin bir neçəsinin əsasında Azərbaycan hökumətinin səmərəli şəkildə fəaliyyət göstərdiyini sübut etmək mümkündür. Təkcə ümumi daxili məhsulun bir il ərzində 34 faiz artması, 2 il ərzində 60 faiz həcmində olması Azərbaycan hökumətinin çox aydın iqtisadi inkişaf proqramına malik olduğunu və bu iqtisadi inkişaf proqramının uğurla həyata keçirildiyini sübuta yetirən çox vacib göstəricidir. Bir neçə il ərzində Azərbaycanda yoxsulluğun 49 faizdən 20 faizə endirilməsi dediyim səmərəli fəaliyyətin barız göstəricisidir. Yaxud 3 il ərzində Azərbaycanda 500 mindən yuxarı yeni iş yerlərinin açılmasının özü də hökumətin səmərəli şəkildə və çox əsaslandırılmış proqram əsasında fəaliyyət göstərdiyini sübuta yetirir. Eyni misalları büdcənin artması və digər sahələrdə əldə edilən nailiyyətlərlə də əlaqədar səsləndirmək mümkündür. Bütün bunların nəticəsində indi Azərbaycan, sözün həqiqi mənasında, dünyanın ən dinamik inkişaf edən ölkəsinə çevrilibdir.
Əhalinin yaşayış səviyyəsinin yüksəldilməsi ilə əlaqədar geniş miqyaslı proqram həyata keçirilir. Səhiyyənin, təhsilin inkişaf etdirilməsi, infrastrukturun təkmilləşdirilməsi üçün, bütövlükdə Azərbaycanın nəinki iqtisadiyyatının, həyatımızın bütün sahələrinin yeniləşdirilməsi, müasirləşdirilməsi, müasir standartlar səviyyəsinə yüksəldilməsi istiqamətində Prezidentin rəhbərliyi altında geniş işlər aparılır. Təbii ki, bütün bunların hamısı Azərbaycanın hökumət strukturlarının ayrı-ayrı sahələrinin səmərəli fəaliyyəti nəticəsində mümkün olubdur. Bütün bunların hamısı o fikri söyləməyə əsas verir ki, bir il ərzində Azərbaycan hökumətinin işi kifayət qədər səmərəli olubdur. Hökumətimizin bir illik fəaliyyətini müsbət qiymətləndirmək və təqdim edilən hesabatı təsdiq etmək üçün ciddi əsaslar vardır.
Əlbəttə, inkişaf nə qədər sürətlə gedirsə, o qədər də yeni sahələrin inkişaf etdirilməsinə ehtiyac yaranır. Bununla əlaqədar mən də bir sıra təkliflərimi verirəm və düşünürəm ki, bu təkliflər nəzərə alınarsa, fikrimcə, gələcəkdə hökumətimizin həyata keçirdiyi işlərin miqyası və səmərəsi bir o qədər artar. Azərbaycanda özəl sektor qeyd edildiyinə görə, artıq iqtisadiyyatın 81 faizini təşkil edir. Hesab edirəm ki, bu, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda özəl sahənin, sahibkarlığın inkişafına yaradılmış əlverişli şəraitlə bilavasitə əlaqədardır. Yaxşı olar ki, özəl sahənin Azərbaycanın iqtisadiyyatında tutduğu bu xüsusi çəki ümumi daxili məhsulun formalaşmasında da özünü adekvat şəkildə göstərsin. Təəssüf hissi ilə qeyd eləmək lazımdır ki, indi özəl sahə iqtisadiyyatın 81 faizini təşkil etdiyi halda, ümumi daxili məhsulun formalaşmasında bu pay özünü adekvat şəkildə göstərmir. Güman edirəm ki, özəl sahənin, sahibkarlığın maliyyə potensialının, ümumiyyətlə, istehsal potensialının artırılması istiqamətində daha böyük proqramlar həyata keçirmək mümkündür. Bu sahədə istifadə olunmamış resurslar mövcuddur. Bu resurslardan, güman edirəm ki, gələcəkdə geniş istifadə ediləcəkdir.
Milli istehsalın çoxşaxəliliyinin təmin edilməsi istiqamətində də, hesab edirəm ki, hökumət gələcəkdə müəyyən bir proqram hazırlamalıdır. İstehsalın inkişafı, istehsalın çoxşaxəliliyinin təmin edilməsi üçün əlverişli imkan yaradılıbdır. Neft hasilatı sahəsində əldə edilən gəlirlərdən istehsalın çoxşaxəliliyinin təmin edilməsi, Azərbaycan Respublikası əhalisinin bütün ehtiyaclarının ödənilməsi, bütün istehsal sahələrinin təmin edilməsi üçün imkanlar yaradılmışdır. Güman edirəm ki, biz bu imkanlardan səmərəli istifadə etməklə istehsalın çoxşaxəliliyini təmin edə bilərik.
Bunu biz idxal-ixrac strukturunda da aydın şəkildə görürük. Hesabatdan göründüyü kimi, Azərbaycanın ixrac etdiyi məhsullar 2242 addadır, idxal edilən məhsul isə 5935 addadır. Bu onu göstərir ki, Azərbaycanda əhalinin tələbatının ödənilməsi üçün zəruri olan istehsal sahələrinin yaradılmasına ehtiyac var. Güman edirəm ki, idxal-ixrac strukturunda da müəyyən dəyişikliklər edilə bilər. Azərbaycanın təbii ehtiyatlarının dünya bazarına çıxarılması nəticəsində Azərbaycanın ixrac strukturunda neft məhsullarının faizi 84-dür. Güman edirəm ki, milli istehsalın çoxşaxəliliyinin təmin edilməsi nəticəsində idxal-ixrac strukturunda da dəyişiklik ola bilər.
Son zamanlar əhalini narahat edən inflyasiyanın artmasının qarşısının alınması istiqamətində də səmərəli proqramın yaradılmasına ciddi ehtiyac var. Bir də, inkişafın nəticəsi kimi insanların yaşayış səviyyəsinin, pul gəlirlərinin artması ilə əlaqədar...
Sədrlik edən. Çox sağ olun. Elton Məmmədov.
E. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Hörmətli cənab Baş nazir, hörmətli hökumət üzvləri! Mən çıxışıma başlamamışdan öncə həmkarımızın törətdiyi hərəkətə görə hörmətli Baş nazir başda olmaqla bütün hökumət üzvlərindən, xüsusilə də burada əyləşən xanım həmkarlarımızdan üzr istəyirəm. Həmkarım Əli müəllimin dediyi sözlərə qoşuluram, həqiqətən, hər bir millət vəkili özünün davranışına fikir verməlidir. Ən azı bilməlidir ki, Konstitusiyanın 4-cü maddəsinə uyğun olaraq o, xalqı təmsil etmək hüququna malikdir.
Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan sürətli iqtisadi inkişaf və uğurlu sosial təminat strategiyası bu gün möhtərəm Prezident cənab İlham Əliyevin qətiyyəti sayəsində yeni mərhələyə qədəm qoymuşdur. Bunu son 3 ildə sosial-iqtisadi sahənin ürəkaçan göstəriciləri, onların artım sürəti bir daha təsdiqləyir. Belə ki, bu müddətdə ümumi daxili məhsul 2,5 dəfə, dövlət büdcəsinin xərcləri 3,3 dəfə, əhalinin pul gəlirləri 2 dəfədən çox artmışdır. Ötən hesabat ilində ölkədə adambaşına düşən ümumi daxili məhsul istehsalı 2400 dollar təşkil etmişdir. 2008-ci ildə bu rəqəmin 3300 dollara çatacağı proqnozlaşdırılır. 2006-cı ildə ölkə iqtisadiyyatının müxtəlif sahələrinə 7 milyard dollar sərmayə qoyulmuşdur.
Böyük fəxrlə qeyd olunmalıdır ki, keçən ilin ən uğurlu nailiyyəti əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş neft strategiyasının həyata keçirilməsində əldə olunan nəticələrdir. Ölkənin neft sənayesi tarixində ən yüksək miqdarda – 32,3 milyon ton neft hasil edilmişdir. Bütün çətinliklərə baxmayaraq, ötən il Bakı – Tbilisi – Ceyhan neft kəməri işə düşmüş, Bakı – Tbilisi – Ərzurum qaz kəmərinin tikintisi başa çatmış və yaxın zamanlarda fəaliyyətə başlayacaqdır. Bu iki trans-milli layihə müasir Azərbaycanımızın ən böyük hadisəsidir. Cari ildə neft kəməri ən azı 40 milyon ton nefti Avropa bazarına çıxaracaqdır. Qaz kəməri “Şahdəniz” qazını Avropa ölkələrinə çatdıracaqdır.
Energetika sahəsində hökumətin fəaliyyətində ən böyük uğurlardan biri də 5 modul və 1 su elektrik stansiyasının tikintisinin başa çatdırılması və onların ölkənin elektroenergetika sisteminə qoşulmasıdır. Son 15 il ərzində rekord nəticə əldə edilərək 24 milyard kilovat saat elektrik enerjisi istehsal edilmiş və beləliklə, respublikamızda bu sahədə ən yüksək göstərici olan 1999-cu il səviyyəsini keçmişdir.
2006-cı ildə möhtərəm Prezidentimizin tapşırığı və ciddi tələbi ilə hökumət regionların sosial-iqtisadi inkişafını, yeni istehsal sahələrinin, sosial təminat obyektlərinin yaradılmasını, sahibkarlıq fəaliyyətinin genişləndirilməsini, özəl sektorun gücləndirilməsini diqqət mərkəzində saxlamışdır. Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Lənkəranda, Mingəçevirdə, Şamaxıda, İmişlidə istehsal müəssisələri, su və meliorasiya obyektləri, avtomobil yolları və ötürücüləri, rabitə sistemləri və digər kommunikasiya obyektləri istifadəyə verilmişdir. Respublikamızın bütün rayonlarında məktəblər tikilir. Bu işdə Heydər Əliyev Fondunun fəaliyyətini xüsusilə qeyd etmək istərdim.
Səhiyyə sahəsində regional mərkəzlərin yaradılması işi davam etdirilmiş, idmanın maddi-texniki bazası gücləndirilmişdir. Bir sözlə, 2006-cı ildə əldə olunan uğurlar nazirlik və dövlət komitələrinin, hökumətin digər müvafiq strukturlarının cari ildə daha fəal olmasına əsas verir.
Cənab Sədr, Nazirlər Kabinetinin 2006-cı ildəki fəaliyyətini qənaətbəxş hesab edir, hökumət üzvlərinə dövlət başçısı tərəfindən 2007-ci ildə qarşıya qoyulan vəzifələrin həyata keçirilməsində uğurlar arzulayıram. Fürsətdən istifadə edərək hökumət üzvlərini və həmkarlarımı Novruz bayramı münasibəti ilə təbrik edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Azər Əmiraslanov.
A. Əmiraslanov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Nazirlər Kabinetinin Milli Məclis qarşısında hesabat verməsi, əslində, hər iki qurum arasında konstruktiv əməkdaşlığın bir forması olaraq dəyərləndirilməlidir. Azərbaycan parlamentində yeni ənənə olduğuna görə bunun gələcəkdə daha da təkmilləşəcəyini düşünürük. 2006-cı il Nazirlər Kabinetinin fəaliyyətində çətin, məsuliyyətli və həm də uğurlu il olub desək, yəqin ki, yanılmarıq. Ötən il bir sıra sosial-iqtisadi təşəbbüslərin heç bir müvəffəqiyyətsizliyə uğramadan həyata keçirilməsi, müəyyən edilmiş vəzifələrin, əsasən, reallaşdırılması hökumətin fəaliyyətini qənaətbəxş qiymətləndirməyə əsas verir.
Hökumətin fəaliyyətini dəyərləndirmək üçün xeyli göstəricilər mövcuddur. Biz bunları sadalamaq istəmirik və bu göstəricilərin hər biri inkişaf dinamikasına malikdir. Ümumiyyətlə, bir qayda olaraq hər bir ölkədə hökumətin fəaliyyətini qiymətləndirmək üçün “CP” deyilən bir indeksdən istifadə olunur. Bu indeksi hesablamaq üçün əsas götürülən bütün göstəricilər Azərbaycanda real xarakter daşıyır.
Bütün bunları qeyd etməklə yanaşı, təqdim edilmiş hesabat və onun strukturu ilə bağlı fikirlərimi bildirmək istərdim. Əvvəla, ayrı-ayrı sahələr üzrə məlumatların hesabatın müvafiq bölmələrində ümumiləşdirilməsi zamanı bəzi xətalara yol verilib və gələcəkdə nəzərə alınması üçün mən bunların bəzilərini qeyd eləmək istərdim. Məsələn, hesabatın 1-ci bölməsinin ilk bəndi “Makroiqtisadi vəziyyət” adlansa da, burada yalnız ümumi daxili məhsulun artım tempindən və onun strukturundan bəhs edilir. Makroiqtisadi məsələlər isə “Bank sistemi” adlanan başqa bir mətndə ümumiləşdirilib. Qanunvericiliklə bağlı məsələlər “İnstitusional tədbirlər” bölməsində deyil, hüquq mühafizə blokuna daxil edilib. Hesabatın “Sosial sahə” adlanan 5-ci bölməsinə isə sosial blokla heç bir əlaqəsi olmayan ərazilərin minalardan təmizlənməsi, ekologiya, təbii sərvətlər və s. kimi məsələlər daxil edilmişdir. Fikrimizcə, hesabata ölkənin sosial-iqtisadi inkişaf göstəricilərini əks etdirən müqayisəli cədvəlin yerləşdirilməsi də məqsədəuyğun olardı.
Həmçinin istərdik ki, hesabata beynəlxalq təşkilatların Azərbaycanla bağlı hesabatlarından çıxarışlar da daxil ediləydi. Ümumiyyətlə, beynəlxalq təşkilatlarla aparılan işin gücləndirilməsinə ehtiyac var. Ona görə ki, bəzi təşkilatlar Azərbaycanla bağlı indeksləri hesablayarkən köhnə məlumatlara istinad edirlər və son nəticədə hesabladıqları indeks Azərbaycanla bağlı real vəziyyəti düzgün əks etdirmir, iqtisadiyyatımız barədə yanlış təsəvvür yaradır. Beynəlxalq təşkilatlarla aparılan işin gücləndirilməsinin zəruriliyini xüsusi olaraq vurğulamaq istərdik.
İqtisadi siyasətin və struktur islahatlarının əsas konturları olan sənaye və investisiya siyasətinin yeni istiqamətləri barədə Nazirlər Kabinetinin konseptual baxışlarının və mövqeyinin hesabatda əks olunmaması istər-istəməz sual doğurur. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin geniş iclasında söylədiyi və bu gün üçün olduqca aktual olan bir fikrini xatırlatmaq istərdim: “Bundan sonra bizim qarşımızda duran əsas məsələ qeyri-neft sektorunun inkişafı və iqtisadiyyatın səmərəliliyinin təmin edilməsidir”. Yeni mərhələdə iqtisadi siyasətin əsas tezisləri olaraq qəbul etdiyimiz bu müddəalar hesabatın əsas məzmununu təşkil etməli idi. Nazirlər Kabineti nəinki növbəti il üçün, həmçinin orta və uzun müddətli planları barədə məlumat verməli idi. Bu, bir tərəfdən millət vəkillərinə hökumətin gördüyü işləri müqayisəli təhlil etməyə imkan yarada, digər tərəfdən də iqtisadi islahatların hüquqi bazasının formalaşdırılması, təkmilləşdirilməsi üçün parlamentə konkret istiqamətlər verə bilərdi.
Hesabatda Ümumdünya Ticarət Təşkilatına üzvlüklə bağlı bəzi məlumatlar öz əksini tapmışdır. Milli Məclisin qanunvericilik fəaliyyətində bu təşkilata üzvlüyün prinsipial əhəmiyyət kəsb etdiyini nəzərə alaraq, bu prosesə parlament üzvlərinin də cəlb edilməsini və texniki dəstək çərçivəsində nəzərdə tutulan beynəlxalq məsləhətçilərdən birinin Milli Məclisə təhkim edilməsini xahiş edərdik. Bir çox ölkələrdə elektron hökumət layihəsi idarəetmə sistemində dəyişikliklərin əsas elementi kimi qəbul edilir. Çox arzu edərdik ki, bu layihənin icra vəziyyəti hesabatda öz əksini tapaydı.
Təqdim edilmiş hesabatın həm də hökumətin elmi-analitik potensialının göstəricisi olduğunu nəzərə alaraq, gələcəkdə onun statistik forma tutumuna deyil, daha çox analitik məzmununa diqqət yetirilməsini vacib hesab edirik. Görülmüş işlərlə yanaşı, konkret sahələr üzrə problemlərə və çatışmazlıqlara hesabatda geniş yer verilməlidir. Bu problemlərin hökumət üzvlərinin dilindən səslənməsi bəzi populist çıxışlara da rəvac verməz.
Cənab Prezident tərəfindən həyata keçirilən struktur və kadr dəyişiklikləri Nazirlər Kabinetinin fəaliyyətinə yeni impuls verməkdədir. Ölkə başçısının sədrliyi ilə keçirilən müşavirələr, onun imzaladığı fərman və sərəncamlar hökumətin fəaliyyətini uğurlu bir şəkildə istiqamətləndirməklə yanaşı, onun daha yaxşı işləməsi üçün əlverişli şərait yaradır. Fikrimizcə, Nazirlər Kabineti ölkənin ali rəhbərliyinin ona davamlı və ardıcıl dəstəyini yetərincə dəyərləndirməli və yaradılan bu imkandan daha səmərəli və maksimum dərəcədə istifadə etməlidir. Biz ümid edirik ki, ölkə başçısının yeniləşmə istiqamətində atdığı addımların fonunda Nazirlər Kabinetinin fəaliyyəti konservativ xarakter daşımayacaq, dövlət idarəçiliyinin modernləşdirilməsini nəzərdə tutan siyasi qərarlar hökumətin islahatçı mövqeyi ilə tamamlanacaqdır. Dövlətin maliyyə imkanlarının genişləndirilməsinə baxmayaraq, 2007-ci ilin makroiqtisadi proseslərin tənzimlənməsi baxımından olduqca məsuliyyətli bir il olduğunu nəzərə alaraq, Nazirlər Kabinetinə müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsində uğurlar arzulayıram. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri! Hesabat, doğrudan da, yüksək səviyyədə və çox dəqiqliklə hazırlanmışdır. Çıxışıma başlamazdan öncə, demək istəyirəm ki, mən hökumətin hesabatını yüksək səviyyədə qiymətləndirirəm və bəri başdan bütün həmkarlarımı ona səs verməyə çağırıram.
Bilirsiniz ki, Azərbaycan Avropa Şurası Parlament Assambleyasının Qadınlara qarşı zorakılıqla mübarizə kampaniyasına qoşulub və Azərbaycan parlamentinin tarixində ilk dəfə olaraq hökumət üzvlərinin iştirakı ilə ilk ictimai dinləmələr keçirilmişdir. Dünən Avropa Şurası Parlament Assambleyasının xüsusi nümayəndəsi ilə görüşdə Azərbaycan parlamenti rəhbərliyinin və Azərbaycan hökumətinin, əsasən də cənab Artur Rasizadənin bu işlərə münasibəti və verdiyi göstərişlər çox yüksək qiymətləndirilmişdir. Cənab Artur Rasizadənin hökumət üzvlərinə verdiyi göstərişlərin yerlərdə yerinə yetirilməsi və cənab nazirlərin bu məsələlərlə bağlı konkret tədbirləri həyata keçirmələri cənab Devis Briborsiyanın dili ilə desək, çox az vaxt ərzində inanılmaz işlərin görülməsinə gətirib çıxarmışdır. Artıq Avropa Şurası Parlament Assambleyasının hesabatında bu kampaniyanı ən yüksək səviyyədə həyata keçirən ölkələr siyahısında olmaq üçün bir zəmin yaratmışıq.
Hörmətli cənab Sədr, hörmətli cənab Baş nazir! Bir məsələyə də aydınlıq gətirmək istəyirəm. Burada baş verən bir çox xoşagəlməz halların kökündə bəlkə də bizim hər gün görmədiyimiz, lakin millət vəkillərinin eşitdiyi müəyyən məsələlər durur. Açığı, mən Yasamal rayonundan deputat seçildiyim müddət ərzində 3 icra başçısı ilə işləmişəm. Hələ bu günə kimi cənab Baş nazir, Fövqəladə Hallar Nazirliyi, eyni zamanda, Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə bağlı bu qədər çox narazılıq eşitməmişəm. Mən hesab edirəm ki, bu məsələni burada açıq-aşkar deməliyəm və ümumiyyətlə, aidiyyəti orqanlar müəyyən məsələləri araşdırmalıdırlar. Bilirsiniz ki, bir qədər əvvəl Akim Abbasov küçəsindəki bina çox pis vəziyyətə düşdüyü üçün sakinlər tərəfindən Fövqəladə Hallar Nazirliyinə müraciət olundu. Fövqəladə Hallar Nazirliyinin çox operativ fəaliyyəti nəticəsində həmin insanlar binadan köçürüldülər. Şübhəsiz ki, Fövqəladə Hallar Nazirliyi bəlkə də faciə ilə qurtaracaq bir hadisənin qarşısını vaxtında aldı. Amma artıq neçə gündür ki, mən bu sakinlərin qarşısında bir sipər rolunu oynamaqdan yorulmuşam. Çünki icra başçısının bu məsələləri həll etmək əvəzinə insanları gah Fövqəladə Hallar Nazirliyinə, gah da Nazirlər Kabinetinə göndərməsi məndə çox böyük təəccüb doğurur. Bu insanlara deyilir ki, məgər biz sizi binadan çıxarmışıq, sizi Fövqəladə Hallar Nazirliyi oradan çıxarıb, gedin, onlara müraciət edin. Fövqəladə Hallar Nazirliyi nə etməli idi? Gözləməli idi ki, Lənkərandakı kimi bina uçaydı və adamlar onun altında qalaydılar? Onlar öz işlərini yerinə yetirirlər və düz hərəkət ediblər. İcra hakimiyyətinin başçısı da bu sahədə insanlara bir yardım göstərməli, bayramqabağı bu insanları küçədən yığışdırmalıdır. Adamları gah Baş nazirin, gah Fövqəladə Hallar Nazirliyinin, gah da Yeni Azərbaycan Partiyasının üstünə göndərməyin nə mənası var? Mən başa düşürəm ki, rayon icra hakimiyyəti Baş nazirə tabe struktur deyil, amma həm cənab spikerin, həm də Baş nazirin nəzərinə çatdırmaq istəyirəm ki, bu məsələnin həlli mənim imkanlarım xaricindədir. Çünki mənim bu məsələ ilə bağlı dediyim fikirlər eşidilmir.
Artıq üçüncü dəfədir ki, rayon ərazisində çox xoşagəlməz hadisələr baş verir, hüquq mühafizə orqanları ilə üz-üzə dayanılır. Ət bazarı ilə bağlı baş verən çox xoşagəlməz hadisəni də bilirsiniz. İnsanlar əvvəlcə razılaşdılar, çünki onlara deyilmişdi ki, antisanitar vəziyyət aradan götürüləcək və yüngül materiallardan ət bazarı tikiləcək. Daha sonra “emissarlar” gəlib deyirlər ki, bura filankəsin olacaq, siz də ona icarə haqqı ödəyəcəksiniz. Nəticədə xoşagəlməz hallar baş verir. Hüquq mühafizə orqanları da həmişə olduğu kimi çətin vəziyyətə düşürlər, zədələr alırlar. Çünki bəzi məmurlar öz sözlərinin üstündə durmağı bacarmırlar, sakinlərin maraqlarını deyil, yalnız öz maraqlarını güdürlər.
Mən bir sual vermək istəyirəm. Məgər hörmətli icra başçısı sahibkardır ki, bu yeri tikib camaata icarəyə verir? Əgər sahibkardırsa, icra başçılığını qoyub bu işin dalınca getsin. Digər bir məsələni də nəzərinizə çatdırmaq istəyirəm. Şərifzadə küçəsində “Şahdağ” restoranının yanında yaşıllıqlar qırılır, yenə də böyük toqquşmalar olur. Nəticədə konkret bir hərəkət etməkdənsə, qadınlara deyir ki, mənim sizdən heç xoşum gəlmədi. Başım çıxmır, o qadınlar şikayətə getmişdilər, yoxsa kiminsə xoşuna gəlməyə? Döyülən adama da deyir ki, mən səni döyməmişəm, kim səni döyüb, get onun yanına.
Sədrlik edən. Gülər xanım, mən üzr istəyirəm, biz hökumətin hesabatını dinləyirik, Siz isə Yasamal rayonunun hesabatını verirsiniz. Xahiş edirəm, bir az da hökumətin hesabatından danışın.
G. Əhmədova. Çox sağ olun. İcazə verin, mən bir şeyi nəzərinizə çatdırım. Oqtay müəllim, mənim sözümü demək üçün gedəcək başqa bir yerim yoxdur. Mən millət vəkiliyəm və Sizdən də artıq dərəcədə xahiş edirəm ki, ümumiyyətlə, millət vəkillərinin bu sahədə səsləndirdikləri fikirlərə çox diqqətlə yanaşasınız. Çünki millət vəkili olaraq bizim sözümüzü deməyə başqa yerimiz yoxdur. Mən bəzi insanlar kimi, mətbuata çıxmaq, yalan, şər, böhtanla məşğul olmaq istəmirəm. Burada hər şeyi açıq-aşkar deyirəm və güman edirəm ki, hökumət də bu məsələ ilə bağlı konkret tədbirlər görəcəkdir.
Bir fikrimi də Yeni Azərbaycan Partiyasının rəhbərliyinin nəzərinə çatdırmaq istəyirəm. Yasamal bələdiyyəsi Avropada təmsil olunan ən yaxşı bələdiyyə idi. Onun sədri Heydər Əliyevin xeyir-duasını almış, cənab Prezidentin imzası ilə parlament seçkilərinə düşmüş bir gənc idi. Bu gəncə qarşı böyük şər kampaniyası aparılır. Heç bir səbəb göstərilmədən bu adam tutduğu postdan kənarlaşdırılır. Mən çox istərdim, Yeni Azərbaycan Partiyasının üzvlərinə qarşı olan bu haqsızlıqlara konkret mövqe bildirilsin. Şübhəsiz, Siz mənə deyə bilərsiniz ki, bu barədə danışmayım.
Baxın, bu adam 6 il Xətai rayonunda işləyibdir. Orada cənab Əli Əhmədov “Heydər Əliyev” parkını salmışdı. Bu adam orada işlədiyi dövrdə bütün parklar, yaşıllıqlar qırılıb, yerində villalar tikilib. Bələdiyyədə bir il yarım işləyəndən sonra işi prokurorluğa verildi. İndi də Yasamal rayonuna gəlib, bələdiyyə sədrini işdən çıxarıb. Çünki həmin bələdiyyə sədri işinin prokurorluğa verilməsini istəmirdi. Biz bu dərdi kimə deyək? Sözümüzü eşidəcək adamlar buradadır və bunlara demək lazımdır. Ümumiyyətlə, insanların gördükləri işlərə qiymət vermək lazımdır.
Mən çıxışımın əvvəlində də dedim, şübhəsiz ki, bizim ölkəmizin bugünkü inkişafında səylə çalışan çox bacarıqlı və səriştəli hökumət üzvlərimiz var. Amma Oqtay müəllim, mənə inanın, rayonlarda xalqı hökumətdən, iqtidardan, ümumiyyətlə, bizim Yeni Azərbaycan Partiyasından narazı salmağa çalışan insanlar var, onların qarşısını kəsmək lazımdır. Əhali arasında bu cür narazılıqlar yaradan insanlardan bir dəfə hesabat tələb etmək lazımdır. Güman edirəm ki, deyəcəyim bir ideyanı dəstəkləyən həmkarlarım olacaq. Yerli icra hakimiyyətlərinin də hesabatları dinlənilməlidir. Çünki əgər insan bir rayonda 6 il işləyibsə və bu rayonda bir iz belə qoymayıbsa, ondan hesabat tələb olunmalıdır. Yasamal kimi bir rayonu 3 şeylə – şər, böhtan və ləkə atmaqla idarə edir.
Biz Prezident seçkilərinə hazırlaşırıq. Mən 2002-ci ildən bu rayonun deputatıyam və bu rayonda doğulub, yaşayan bir insanam. Ona görə də bu rayondakı vəziyyəti çox yaxşı bilirəm. Günahsız insanları həbsə atıblar, günahsız insanlar zədə alıblar. Polisin çox böyük əməyi var. Hesab edirəm ki, bu, polisə qarşı qurulmuş bir tələ idi. Ona görə də mən artıq dərəcədə xahiş edirəm ki, bu məsələ ilə bağlı hesabat verilsin və araşdırma aparılsın. Bir daha cənab Baş nazirə və bütün hökumət üzvlərinə təşəkkürümü bildirirəm. İnanıram ki, bundan sonrakı görüşlərimizdə də hökumətlə bizim aramızda qarşılıqlı razılıq olacaq. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Fəzail Ağamalı.
F. Ağamalı. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli Baş nazir, hörmətli millət vəkilləri, hörmətli mətbuat nümayəndələri! Baş vermiş hadisəyə görə özümü üzürlü hesab edirəm. Lakin mən başqa cür hərəkət edə bilməzdim. Çünki o tərbiyəsizin qabağına çıxmaq lazım idi, mən də çıxdım. Oqtay müəllim, bu, onun tərəfindən törədilən birinci hal deyil və bundan sonra da bu iş davam etdiriləcək. Onun ətrafında 60-70 nəfər pozğun insan var və bu da hüquq mühafizə orqanlarına bəllidir. Elə adamın Milli Məclisin deputatı kimi fəaliyyət göstərməsi Milli Məclisə də, Azərbaycan Respublikasına da, Azərbaycan Respublikası dövlətinə də təhqirdir. Ona görə də cənab Sədr, mən Sizdən xahiş edirəm, imkanlrınızdan istifadə edib onun haqqında ölçü götürülməsi ilə bağlı konkret addım atasınız. Bu, çox ədalətli olardı. Çox sağ olun.
Sədrlik edən. Çox sağ olun. Biz indi İntizam komissiyasına tapşıracağıq ki, bu işlə məşğul olsunlar. Həqiqətən, heç düzgün olmayan və təəssüf doğuran bir hadisə baş verdi. Gülhüseyn Əhmədov.
G. Əhmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Bu məqamda, hökumətin bugünkü hesabatı zamanı mən də istəməzdim başqa məsələlərə toxunum. Ancaq hamıya məlumdur ki, sabah kütləvi informasiya vasitələrində bizim haqqımızda nələr danışılacaq. Azərbaycan xalqına, uşaqlarımıza, gələcəyimizə biz hansı mədəniyyət və tərbiyəni göstəririk? Mən inanmazdım ki, Milli Məclisdə belə hadisələr baş versin. Kənd yerlərində belə hadisələr baş verməyib. Hesab edirəm, bu hadisə sonuncu olar və gələcəkdə işimizi daha yaxşı qurarıq.
Hökumətin Milli Məclisə təqdim etdiyi hesabatla tanış olduqda son illər Prezident cənab İlham Əliyev tərəfindən aparılan məqsədyönlü sosial-iqtisadi siyasət nəticəsində ölkədə iqtisadiyyatın dinamik inkişafının və əhalinin rifah halının yüksəlməsinin uğurla həyata keçirildiyinin şahidi oluruq. Ümummilli liderimiz Heydər Əliyev tərəfindən təməli qoyulmuş iqtisadi siyasət yolu ilə inamla irəliləyən ölkəmiz cənab İlham Əliyevin qətiyyətli addımları nəticəsində iqtisadi cəhətdən daha güclü bir dövlətə çevrilərək dünya iqtisadi sistemində öz layiqli yerini tutur. Sosial-iqtisadi sahədə görülən müsbət işlər nəticəsində ötən il ümumi daxili məhsulun həcmi 34 faizdən artıq olmuşdur. Düzdür, ümumi daxili məhsulun artımında neft sektorunun böyük payı vardır, ancaq qeyd etmək lazımdır ki, Azərbaycan beynəlxalq aləmdə ən dinamik inkişaf edən ölkələrdən biridir.
Hesabatdan göründüyü kimi, 2006-cı ildə regionların sosial-iqtisadi inkişafı, qeyri-neft sektorunun, eləcə də infrastrukturun inkişafı, yoxsulluğun azaldılması, yeni iş yerlərinin açılması istiqamətində çox böyük işlər görülmüşdür. Bunun nəticəsidir ki, qeyri-neft sektorunda artım 12,1 faiz olmuşdur. Bu artımda kənd təsərrüfatının da xüsusi payı vardır. Kənd təsərrüfatında istehsalın ümumi həcmi əvvəlki illə müqayisədə 0,9 faiz artmışdır. Son illər kənd təsərrüfatında islahatlar davam etdirilmiş və istehsalın həcmini artırmaq üçün fermerlər texnika, mineral gübrələrlə təmin edilmişdir. Kənd təsərrüfatının müəyyən sahələrində artım tempi əldə olunmuşdursa, mən deyərdim ki, əsas kənd təsərrüfatı sahələrində əvvəlki illərlə müqayisədə istehsal aşağı düşmüşdür. Belə ki, taxıl istehsalı 48,4 min ton, kartof 84 min ton, bostan 2 min ton, pambıq 66,5 min ton, tütün isə 2,2 min ton azalmışdır. Hesabatda bu azalmaların əsas səbəbi iqlim şəraiti və bitkilərin əkin sahəsinin azalması faktı ilə əlaqələndirilmişdir. Azalmada göstərilən bu səbəblər çox rol oynayıb. Ancaq bunu yalnız iqlim şəraiti ilə bağlamaq olmaz. Taxıl istehsalı 48 min tondan çox azalıb. Buna diqqəti artırmaq lazımdır. Respublikamızda taxılçılıq ən böyük kənd təsərrüfatı sahəsidir. Toxumçuluğa diqqəti artırmaq lazımdır. Bu günlərdə biz Milli Məclisdə “Toxumçuluq haqqında” Qanuna dəyişiklik etdik, amma istehsalı artırmaq üçün, taxılın daxili bazarda tənzimlənməsi üçün böyük işlər görülməlidir. Pambıq istehsalı da azalıb. Bu, əvvəlki illə müqayisədə 66-67 min ton azalıb. Çünki istehsalçı ilə istehlakçı arasında münasibətlər düzgün qurulmamışdır. Bu günlərdə seçicilərlə görüş zamanı fermerlər şikayət etdilər ki, pambıq zavodları növündən asılı olaraq pambığın 1 kiloqramını 24-30 qəpiyə alırlar. Ancaq bu gün artıq çiyid səpinini başlayır və həmin çiyidi ayıran fermerlərə kiloqramını 24 qəpiyə satırlar. Belə olan halda heç vaxt pambıq istehsalını artırmaq olmaz. Ona görə mən hökumət üzvlərindən, kənd təsərrüfatı nazirindən xahiş edirəm ki, məhsulun istehsalını artırmaq üçün onlar hökmən fermerlərlə görüşsünlər və yaranan problemlərin həlli üçün müəyyən addımlar atsınlar. Söhbət seçicilərdən düşdüyü üçün mən bir məsələni qeyd etmək istəyirəm. Seçicilər uzun illərdən bəri banklarda qalmış əmanətlərin qaytarılmasına köməklik göstərməyi xahiş edirlər. Mən hökumət üzvlərinə xatırladıram ki, əmanətlərin qaytarılması ilə əlaqədar 2005-ci ildə cənab Prezidentin sərəncamı olmuşdu.
Bu gün Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı ilə əlaqədar mədəniyyət, səhiyyə, təhsil və kənd təsərrüfatı sahələrində böyük işlər görülmüşdür. Mən xüsusilə təhsil sahəsində həyata keçirilən yeni proqramları, islahatları, təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsini, ən vacibi isə yeni məktəblərin tikintisi istiqamətində aparılan misilsiz işləri nəzərdə tuturam. Dövlət büdcəsi, Heydər Əliyev Fondu və müxtəlif mənbələr hesabına tikilmiş 288 məktəb təhsil sahəsində həyata keçirilən dövlət proqramının uğurla aparılmasının bariz nümunəsidir. Eyni zamanda, məktəblərin tikintisi ilə bərabər, mövcud məktəblərin təmiri, müasir avadanlıqla təminatı, kompüterləşdirmə prosesi, pulsuz dərsliklərin verilməsi yüksək səviyyədə həyata keçirilmişdir. 2006-cı ildə ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili, dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi, xüsusi istedada malik olan uşaqların yaradıcılıq potensialının inkişafı üzrə həyata keçirilmiş proqramlar dövlətin təhsilə olan qayğısının bariz göstəricisidir.
Ancaq istərdim ki, məktəb tikintisi ilə əlaqədar deputat seçildiyim seçki dairəsində mövcud olan bir problemə toxunum. Saatlı rayonunun Yeninovruzlu kəndində, ümumiyyətlə, məktəb yoxdur. Uşaqlar 5 kilometr məsafə qət edərək qonşu Sabirabad rayonundakı məktəbə gedirlər. Kürdəmir rayonunun Qarabucaq kəndində də məktəb yoxdur. Uşaqlar natamam orta təhsil almaq üçün 6 kilometr məsafə qət edərək Axtaçı kənd məktəbinə gedirlər. 10-11-ci siniflərdə təhsillərini davam elətdirmək üçün isə 7 kilometr məsafə də qət edərək digər kənd məktəbinə gedirlər. Uşaqlar gündə 13 kilometr məsafə qət edirlər. Belə olan halda təhsilin hansı keyfiyyətindən danışmaq olar? Mən hörmətli Misir müəllimə dəfələrlə bu barədə müraciət eləmişəm. Bu gün hörmətli Artur Rasizadənin burada iştirak eləməsindən istifadə edərək ondan xahiş edirəm ki, mümkündürsə, Saatlı rayonunun Yeninovruzlu və Kürdəmir rayonunun Qarabucaq kəndində məktəb tikintisinə köməklik göstərsin. Məndə olan məlumata görə onlar bir neçə dəfə siyahıya salınıb, amma Nazirlər Kabinetində siyahıdan çıxarılıb. Mən xahiş edirəm ki, hörmətli Artur müəllim bunu nəzərə alsın. İnanıram ki, təhsil sahəsində aparılan islahatların dairəsi genişlənəcək, ölkənin bütün məktəblərini əhatə edəcəkdir.
İqtisadiyyatımızın bugünkü yüksəliş illərində bütün sahələrdə olduğu kimi, nəqliyyat sektorunda və avtomobil yollarının salınmasında da çox böyük işlər görülmüşdür. Belə ki, nəqliyyat sektorunda 2005-ci illə müqayisədə 2006-cı ildə 10,3 faiz çox yük daşınmışdır. Hesabat ilində ümumi istifadədə olan avtomobil yollarının təmirinə və saxlanmasına əvvəlki ilə nisbətən 1,7 dəfə çox vəsait istifadə olunmuşdur. Ümumilikdə, 2006-cı ildə avtomobil yollarının təmiri, saxlanması, yeni yolların çəkilişi, körpülərin və piyada keçidlərinin tikintisi və nəqliyyat sektorunun maddi-texniki bazasının yaradılması istiqamətində çox böyük işlər görülmüşdür. Bu işlərin həyata keçirilməsində möhtərəm Prezidentin sərəncamlarının da böyük rolu olmuşdur.
Ancaq mən bir məsələyə – Bakı şəhərinin küçə və avtomobil yollarının bərbad vəziyyətdə olmasına toxunmaq istərdim. Bakı şəhərinin yollarında kim nə istəyirsə, onu da edir. Qazır, dağıdır, hətta çirkab sularını küçələrə buraxırlar. Belə özbaşınalıqlara fikir verən yoxdur. Belə getsə, Bakının bütün küçələri bərbad günə düşəcəkdir.
Mən həmkarım Aydın Abbasovu dəstəkləyirəm. Bakının Baş planı birdəfəlik təsdiq olunmalıdır. Artıq bunun vaxtıdır.
Bir şeyi xatırlatmalıyam ki, artıq möhtərəm Prezidentin sərəncamı ilə avtomobil yollarının saxlanması, təmiri və çəkilişi ilə əlaqədar “Avtoyol” Səhmdar Cəmiyyəti yaradılıb. Ümid edirik ki, yaxın illərdə respublikanın, eləcə də Bakı şəhərinin yollarının yenidən qurulmasında səhmdar cəmiyyət böyük işlər görəcəkdir. Bu işdə səhmdar cəmiyyətin bütün kollektivinə uğurlar diləyirəm. Nazirlər Kabinetinin 2006-cı ildə gördüyü bütün bu uğurlu işləri alqışlayıram və arzu edirəm ki, 2007-ci ildə bu işləri davam elətdirsinlər. Hesab edirəm ki, biz bu gün Nazirlər Kabinetinin hesabatını müsbət qiymətləndirməliyik.

Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Jalə Əliyeva.
J. Əliyeva. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli sədarət, hörmətli millət vəkilləri, hörmətli Baş nazir, hörmətli nazirlər! Bu gün biz 2006-cı ildə hökumət tərəfindən ölkədə həyata keçirilən işlərin hesabatını dinlədik. Hesabatdan göründüyü kimi, Azərbaycan hökuməti qarşısında duran vəzifələri uğurla həll etmiş və ölkənin sosial-iqtisadi inkişafında irəliləyişlərə nail olmuşdur. Əlbəttə, bu irəliləyiş birdən-birə olmayıb və təsadüfi deyil. Bu irəliləyişin təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulub və Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Əlbəttə, Nazirlər Kabinetinin parlament üzvləri önündəki hesabatı dövlətçilik təməlinə əsaslanan çox əhəmiyyətli bir ənənədir.
Mən burada hökumət üzvlərinin, demək olar ki, tam tərkibdə iştirakından istifadə edərək seçildiyim Zərdab-Ucar seçki dairəsi üzrə bizi narahat edən bəzi məsələləri aidiyyəti ilə nəzərlərinə çatdırmaq istəyirəm. Hökumətin elektroenergetika sahəsi üzrə gördüyü işlər öz miqyasına görə təqdirəlayiqdir. Lakin bununla belə, regionlarda elektrik enerjisinin istehsalı, nəqli və istismarı sahəsində xeyli problem var. Konkret olaraq, seçildiyim Zərdab rayonunda 1959-cu ildə tikilmiş 35 kilovoltluq elektrik xətti hələ də istifadədədir və bu xəttin əvəzlənməsinə artıq obyektiv bir zərurət yaranıb. Mən hörmətli Pirverdiyevdən həmin xəttin 110 kilovoltluq xətlə əvəz edilməsi və buna uyğun yarımstansiyanın tikilməsi üçün zəruri olan fəaliyyətin həyata keçirilməsini xahiş edirəm.
Rayonda su təchizatı və kanalizasiya sistemi sahəsində də problemlər mövcuddur. Əlbəttə, bu sahədə hökumətin gördüyü işlərdə müsbət dəyişikliklər var. Lakin aydın məsələdir ki, su təchizatı və kanalizasiyanın qurulmasını hökumət eyni anda bütün rayonlarda həll etmək iqtidarında deyil. Sözün həqiqi mənasında, Zərdab rayonunda bir çox çətinliklərlə üzləşən əhalinin su təchizatının yaxşılaşdırılması üçün istismar müddətini başa vurmuş su xəttinin yenidən qurulmasına, sıradan çıxmış artezian quyularının bərpasına və şəhərdə örtülü kanalizasiya sisteminin tikilməsinə ehtiyac var. İnanın ki, bir az yağış yağan kimi rayon icra hakimiyyəti bütün imkanlarını səfərbər edərək onun nəticələrini aradan qaldırmağa, çox böyük çətinliklər bahasına şəhərin normal həyat şəraitini özünə qaytarmağa çalışır. Hesab edirəm ki, bu, birinci növbədə həllini gözləyən bir məsələdir.
Zərdabda əkinə yararlı torpaqların suvarılması 1965-70-ci illərdə tikilmiş kanal vasitəsilə həyata keçirilir. Bu kanal artıq həm fiziki, həm mənəvi cəhətdən aşınmaya məruz qalıb. 35-40 il əvvəl istifadəyə verilmiş və istismar müddətini başa vurmuş kanalın təmiri və bərpası artıq bir tələb kimi ortadadır. Nəzərə alaq ki, kənd təsərrüfatının inkişafı bu sahə ilə birbaşa bağlıdır. Hörmətli Əhməd Əhmədzadənin bu günə qədər bütün mövcud olan imkanlarla rayonumuza göstərdiyi yaxın köməyi xüsusi qeyd etməklə bərabər, həmin kanalın təmir olunması üçün müvafiq tədbirlər görülməsini xahiş edirəm.
Təhsil və səhiyyə sahələri üzrə hökumətin fəaliyyəti qənaətbəxş olsa da, bu sahənin daha da gücləndirilməsinə, onun kəmiyyət və keyfiyyət göstəricilərinin artırılmasına ehtiyac var. Yeni nəslin necə böyüməsi, onun XXI əsrin layiqli övladı kimi yetişməsi təhsilin və səhiyyənin səviyyəsindən birbaşa asılıdır. Savadlı və sağlam nəsil yetişdirmədən xoşbəxt gələcək, qüdrətli dövlət qurmaq olmaz. Qeyd etməyi özümə borc bilirəm ki, bu sahələrdə Heydər Əliyev Fondunun fəaliyyəti hökumətin fəaliyyətindən daha qabarıq, daha səmərəli və daha məqsədyönlüdür. Bu il ərzində çox qısa bir müddətdə fondun vəsaiti və himayəsi ilə rayonda müasir tipli iki yeni məktəb binası inşa edilib. Hökumət tərəfindən isə 2005-ci ildə bir yeni məktəb binası inşa edilərək, istifadəyə verilib. Lakin bu, kifayət deyil. Rayon ərazisində fəaliyyət göstərən köhnə məktəblər nəinki müasir tələblərə cavab vermir, hətta deyərdim ki, çox acınacaqlı və bəziləri qəza vəziyyətindədir. Bəzi kəndlərdə heç yerli-dibli məktəb yoxdur. Hələ də rayonda müstəqil uşaq xəstəxanası mövcud deyil. Rayonda 65 vakant yerin müxtəlif ixtisaslı həkim kadrları ilə təmin edilməsinə ehtiyac var. Məncə, təhsil və səhiyyə ilə bağlı rayondakı vəziyyəti artıq şərh etməyə ehtiyac yoxdur və ümid edirəm ki, hökumət üzvləri bu problemləri nəzərə alacaqlar, Zərdab rayonunda təhsilin və səhiyyənin səviyyəsinin yüksəldilməsi üçün bütün lazımlı tədbirləri görəcəklər.
Mən bir neçə kəlmə də yollar haqqında danışmaq istəyirəm. Əslində, bu sahə haqqında uzun-uzadı danışmağa heç bir ehtiyac yoxdur. Ölkə miqyasında görülən nəhəng işlər göz qabağındadır. Adətən, belə deyirlər: görünən kəndə nə bələdçi? Təmsilçisi olduğum rayonlarda da yolların bərpası, yenidən qurulması istiqamətində son bir ildə saysız-hesabsız işlər görülüb. Uzun illər keçilməz vəziyyət olan rayon yolları abadlaşdırılıb, müasirləşdirilib. Nəqliyyat Nazirliyinin müsbət fəaliyyəti rayon əhalisi tərəfindən, əlbəttə, qiymətləndirilir, lakin bununla belə, mən onlardan da xahiş edərdim ki, bərpası xüsusi ilə vacib olan kənd və kəndətrafı yollara diqqətlərini daha da artırsınlar. Mən rayonda hökumət tərəfindən həyata keçirilməsi zəruri olan bütün tədbirləri vaxt məhdudiyyətini nəzərə alaraq bir-bir sadalamıram.
Ümumi olaraq qeyd etmək istəyirəm ki, yuxarıda göstərilənlərdən əlavə, heç olmasa, ilk növbədə, şəhərətrafı kəndlərin qaz təchizatının həyata keçirilməsinə, emal müəssisələrinin yaradılmasına diqqət artırılsın. Rayonda əhali, əsasən, kənd təsərrüfatı ilə, xüsusilə də meyvəçiliklə məşğuldur. Eyni zamanda, rayonda fəaliyyət göstərən tikiş sexinin tikiş fabrikinə çevrilməsinə ehtiyac vardır. Məncə, hörmətli hökumət üzvlərimiz də cənab Prezident kimi tez-tez rayonlara səfər edib yerlərdəki problemləri şəxsən görüb qiymətləndirsələr, hökumətin fəaliyyətinin daha məqsədyönlü, daha konkret olmasını təmin etmiş olarlar. Çıxışımın sonunda mən Nazirlər Kabinetinin hər bir üzvünə gələcək fəaliyyətlərində daha böyük uğurlar arzulayıram. Onlara böyük fəaliyyətləri üçün təşəkkür edirəm və bütün həmkarlarımı hesabata səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Musa Quliyev.
M. Quliyev. Çox sağ olun, hörmətli Ziyafət müəllim. Ümummilli liderimiz Heydər Əliyevin böyük uzaqgörənliklə müəyyən etdiyi Azərbaycanın sosial-iqtisadi inkişaf strategiyası cənab Prezident İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Azərbaycanın iqtisadi qüdrəti gündən-günə yüksəlir, ölkəmiz sürətlə inkişaf edir. Hər yerdə böyük quruculuq və abadlıq işləri aparılır. Yüz minlərlə yüksək maaşlı yeni iş yerləri açılır. Xalqımızın sosial rifah halı yüksəlir, orta aylıq əmək haqqının, pensiya və müavinətlərin davamlı artımı baş verir. Ölkədə möhkəm makroiqtisadi sabitlik yaranmışdır. Ümumi daxili məhsulun və dövlət büdcəsinin ilbəil böyük nisbətlə artımı Azərbaycanın iqtisadi uğurlarından xəbər verir.
Bütün bunlar çox yaxşıdır. Eyni zamanda, qeyd olunmalıdır ki, hökumətin hesabatı zamanı uğurları təqdir etməklə yanaşı, millət vəkilləri tərəfindən mövcud problemlər də qabardılmalı, nöqsanlar da tənqid edilməlidir. Onu da deyim ki, tənqidlər dövlətçilik naminə qərəzsiz olmalı və xoş mərama xidmət etməlidir. Hər şeydən əvvəl, 1992-ci ilə qədər əmanət kassasına qoyulmuş əmanətlərin qaytarılması məsələsinə aydınlıq gətirilməsini istəyirəm. Məlumdur ki, bu məsələ dəfələrlə Milli Məclisdə müzakirə olunmuşdur. Hətta keçən il dövlət büdcəsinin müzakirəsi zamanı bu işin həll olunması üçün müəyyən vəsaitin ayrılması da nəzərdə tutulmuşdu. Lakin bu tədbir həyata keçirilmədi. Onu da qeyd etmək istəyirəm ki, Pribaltika ölkələrində, Belarusda və Ukraynada əmanətlərin qaytarılması artıq öz həllini tapmışdır. Bəs Azərbaycanda bu nigarançılığa nə zaman son qoyulacaqdır? Hər halda əmanətə xəyanət etmək yaxşı iş deyildir.
Sosial sahə ilə bağlı bir neçə məsələyə də toxunmaq istəyirəm. Pensiya və müavinətlərin ödənilməsi sahəsində uğurlu islahatlar aparılmışdır. Bu gün pensiyaların və müavinətlərin təyin olunmasında, hesablanmasında və ödənilməsində heç bir problem yoxdur. Ünvanlı sosial yardım sisteminin tətbiqi uğurla həyata keçirilir. Təklif edərdim ki, ünvanlı sosial yardımın təyin edilməsi üçün müəyyən edilmiş, amma heç bir sosial-iqtisadi meyara uyğun olmayan ehtiyac meyarından imtina edilsin və gələn ildən “yaşayış minimumu” anlayışından istifadə olunsun.
Əlillərin tibbi-sosial ekspertizası, reabilitasiyası və sosial müdafiəsi ilə bağlı problemlərinin sistemli və müasir beynəlxalq tələblər səviyyəsində həlli məqsədi ilə bir dövlət proqramının qəbul edilməsi də məqsədəuyğun olardı.
Səhiyyənin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ötən il görülən işləri, bir sıra ağır xəstəliklərin müalicəsi və profilaktikasına dair dövlət proqramlarının qəbul edilməsini təqdir etməklə yanaşı, bu sahədə köklü islahatların aparılmasının, ilkin səhiyyə xidmətinin yenidən qurulmasının, özəl səhiyyənin inkişafının, tibbi sığortanın ləngimədən tətbiq olunmasının vacibliyini də hörmətli hökumət üzvlərinin diqqətinə çatdırmaq istəyirəm. Mən bir təzadı başa düşmürəm. Bir tərəfdən söyləyirik ki, ölkəyə külli miqdarda valyuta daxil olur, digər tərəfdən isə səhiyyənin və təhsilin kifayət qədər maliyyələşdirilməsi üçün vəsait tapa bilmirik.
Ötən il Milli Məclisdə hökumətin hesabatı dinlənilərkən millət vəkillərinin söylədikləri problemlər, təkliflər və görülən tədbirlər barədə hökumətin cavabları bu hesabatda öz əksini tapmışdır. Prosedur baxımdan bu çox yaxşıdır. Ancaq icra ilə bağlı bəzi hallarda hökumətin cavabları o qədər sərt və başdan sovdudur ki, adamın təəssüf etməkdən başqa heç nəyə gümanı gəlmir. Məsələn, mən keçən il Gəncədəki məktəblərin, uşaq bağçalarının və xəstəxanaların istilik sistemi ilə təmin olunması məsələsini qaldırmışdım. Hökumətin cavabında isə deyilir: 2007-ci ildə Gəncədə bir məktəb və bir xəstəxananın istilik təchizatının bərpası nəzərdə tutulur. Gəncədə yüzə yaxın təhsil və tibb müəssisəsi olduğunu nəzərə alsaq, bu templə bizim hökumətə yüz il vaxt lazım gələcəkdir. Hörmətli hökumət üzvləri, sizin bu cavabınızla mən bir iqtidar nümayəndəsi kimi, seçicilərin qabağına çıxmağa çətinlik çəkirəm. Unutmayaq ki, gələn il həm də Prezident seçkiləri keçiriləcəkdir.
Hökumətin hesabatında bir məsələyə münasibət də təəssüf doğurur. Heç kəs üçün sirr olmayan inhisarçılıq və haqsız rəqabətdən bir kəlmə də danışılmır. Korrupsiya ilə mübarizə ilə bağlı o qədər vecsiz danışılır ki, susmaq ondan abırlı olardı. Əziz dostlar, bizim iqtisadi inkişafımıza zərbə vuran, cəmiyyəti içəridən dağıdan bu bəlalarla ciddi mübarizəyə başlamağın vaxtıdır. Bu məsələ geniş ictimai müzakirəyə çıxarılmalı, hər kəs öz imkanı daxilində bu mübarizədə cənab Prezidentə köməklik göstərməlidir.
Hörmətli millət vəkilləri, mənim heç vaxt millət vəkillərinin dediklərinə şərh vermək niyyətim olmayıb. Ancaq Gülər xanımın bir fikrinə münasibətimi bildirmək istəyirəm. Çünki mən İbrahim Mehdiyevlə uzun müddət bir yerdə işləmişəm, onu çox vicdanlı, namuslu və işgüzar adam kimi tanıyıram. Əgər son illərdə icra başçısı vəzifəsi İbrahim müəllimi dəyişibsə, bunu deyə bilmərəm. Hər halda mən təklif edərdim ki, Prezidentin İcra Aparatının müvafiq strukturları bu məsələni araşdırsınlar. Bəlkə burada subyektiv meyllər də vardır. İnanıram ki, hökumətimiz millət vəkillərinin söylədikləri təklifləri, qaldırdığı problemləri öz gələcək fəaliyyətində nəzərə alacaqdır. Hökumətimizin hesabatının qəbul edilməsini təklif edirəm və cənab Prezidentin rəhbərliyi altında Azərbaycan dövlətinə və xalqına uğurlar arzulayıram. Sağ olun.

Azərbaycan  Respublikası  Milli  Məclisinin
 Sədri  O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Sağ olun. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Möhtərəm Prezident İlham Əliyevin apardığı daxili və xarici siyasət ölkəmizin iqtisadi qüdrətini xeyli artırmışdır. Hazırda müstəqil dövlətimiz iqtisadi cəhətdən daha sürətlə inkişaf edir. Ümumdaxili məhsulun artım tempinə görə Azərbaycan dünyada lider dövlət hesab olunur. 2005-ci ildə ümumi daxili məhsul 26 faiz idisə, 2006-cı ildə onun real artımı 34,5 faiz olmuşdur. Bu faktın özü bir daha təsdiqləyir ki, Azərbaycan artıq sürətli inkişaf yoluna qədəm qoyur. 2006-cı ilin dövlət büdcəsinin gəlir proqnozuna əsasən Vergilər Nazirliyi tərəfindən yığım 69 faiz, Dövlət Gömrük Komitəsi tərəfindən isə yığım 13,3 faiz təşkil edir ki, bu da müvafiq olaraq planı 102,2-102,1 faiz yerinə yetirmək deməkdir. Büdcə daxilolmalarının həcmi neft sektorunda bir faiz artmışdısa, qeyri-neft sektorunda 14,3 faiz olmuşdur. Bu da çox önəmli faktordur. Dövlət Neft Şirkətinin uğurları və Dövlət Neft Fondunun mühüm layihələrin maliyyələşdirilməsində gördüyü işlər təqdirəlayiqdir.
Regionların sosial-iqtisadi inkişafı qəbul olunmuş dövlət proqramlarının və sərəncamların yerinə yetirilməsi sayəsində davam etdirilmişdir. Ölkənin sənayeləşdirilməsi, xüsusi ilə Daşkəsən filizi əsasında qara və əlvan metallurgiyanın inkişaf etdirilməsi nəzərdə tutulmuşdur ki, bu da strateji əhəmiyyət kəsb edərək ölkənin iqtisadi və müdafiə qüdrətinin artmasına rəvac verəcəkdir. İqtisadiyyatın xidmət sahələri olan nəqliyyat və rabitə sahəsində yeni layihələr həyata keçirilərək ölkənin qeyri-neft sektorunun inkişafına və bölgədə siyasi çəkisinin artmasına təkan vermişdir. Təkcə onu demək kifayətdir ki, 2006-cı ildə 2 ədəd peyk qəbulu stansiyası, 2 ədəd peyk rabitəsi kanalı istifadəyə verilmiş, 68 yeni ATS və 200 poçt şöbəsi tikilmişdir.
Sosial sahədə islahatlar aparılmış, əmək haqları və pensiyalar artırılmış, yoxsulluğun səviyyəsi 8,5 faiz azaldılmışdır. Yeni iş yerlərinin açılması yüksək templə davam etdirilmişdir. Fərəhli haldır ki, bu il yeni iş yerləri regionlarda yaradılmışdır. Maliyyə Nazirliyi ölkəmizin iqtisadi inkişafı üçün maliyyə resurslarının bölünməsini və tənzimlənməsini uğurla həyata keçirir. Dediklərim onu göstərir ki, Nazirlər Kabineti fəaliyyətini günün tələbləri səviyyəsində qurmuşdur.
Təhsilin inkişafı naminə 16 məktəb proqramı qəbul olunmuşdur. 2006-cı ildə 288 yeni məktəb tikilmişdir. Ümumtəhsil məktəblərinin avadanlıqla, informasiya və kommunikasiya texnologiyaları ilə təminatı, xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili ilə əlaqədar proqramlar qəbul olunmuşdur. Ümumtəhsil məktəblərinin 1–11-ci sinif şagirdlərinin pulsuz dərsliklərlə təmin olunması davam etdirilmişdir. Xalqın gələcəyi təhsilin inkişafı ilə bağlı olduğundan ölkə Prezidenti təhsilə çox böyük qayğı göstərir. Təhsilin keyfiyyəti və inkişafı bir çox amillərdən asılıdır. Ancaq əsas amillər maddi-texniki bazanın yaradılması, təhsilin peşəkar səviyyədə təşkili və idarə olunmasıdır. Görürük ki, maddi-texniki bazanın, dərs vəsaitinin və sairənin yaradılmasını dövlət və Heydər Əliyev Fondu öz üzərinə götürərək bu işi çox yüksək səviyyədə yerinə yetirmişdir.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının fəaliyyəti mühüm əhəmiyyət kəsb edir və yüksək qiymətləndirilməlidir. Bu qurum 2006-2007-ci tədris ili üçün tələbə qəbulu nəticələrinin elmi-statistik təhlilini apararaq ölkədə təhsilin vəziyyətinin hansı səviyyədə olmasını açıq şəkildə göstərmişdir. Təhlilə görə bu il qəbul imtahanlarında abituriyentlərin 62,7 faizinin göstərdiyi nəticə “iki” olub. Buradan görünür ki, təhsil sahəsində böyük işlər görülməsinə baxmayaraq, idarəetmədə buraxılan nöqsanlar bu nəhəng işlərin səmərəsini azaldır.
Təhsil Nazirliyinə ünvanladığım sorğunun cavabına əsasən müəyyənləşdirdim ki, Müəllimlər İnstitutunun rayonlarda 11 filialı fəaliyyət göstərir. Dünyada bu qədər filialı olan universitet tanımıram. Kənd rayonlarında professor-müəllim heyətinin, maddi-texniki bazanın, kitabxananın hansı səviyyədə olması, ictimai-mədəni mühitin məzmunu hamımıza məlumdur. Belə vəziyyətdə hansı keyfiyyətli təhsildən və kadr hazırlığından söhbət gedə bilər. Bu filiallarda 5 min nəfərdən çox tələbə təhsil alır. Burada hazırlanan müəllimlərin də dərs verdiyi şagirdlər, əlbəttə, “iki” qiymətə layiq olacaqlar. Belə filialların saxlanılması kimə və nəyə xidmət edir? Buna aydınlıq gətirmək lazımdır.
Seçildiyim Gəncə şəhər 39 saylı seçki dairəsinin ərazisində yerləşən Texniki Universitetdə rektor vəzifəsini 7 ildir ki, prorektora həvalə ediblər. Mənə universitetin müəllim və tələbələri müraciət edərək bildirirlər ki, universitetdə korrupsiya və rüşvətxorluq baş alıb gedir. Universitetdə yaranmış qeyri-sağlam mühitə görə tələbə qəbulu getdikcə azalır. Dərs yükü azaldığına görə müəllimlərə verilmiş dərs yükləri saxtalaşdırılaraq artırılır. Texniki işçilərin sayı normadan dəfələrlə çoxdur və sair. Bu səbəbdən universitet respublikada ən aşağı reytinqə malikdir. Belə olan halda həmin universitetə nə üçün 7 ildir rektor təyin olunmayıb, bu məsələ kimə xidmət edir? Təhsildəki nöqsanlar haqqında çox danışıb sizi yormaq istəmirəm, Təhsil qanununun müzakirəsində bu haqda ətraflı danışarıq. Ümumiyyətlə, təhsilin təşkili və idarə edilməsi haqqında ətraflı məlumat almaq istəyirsinizsə, “Abituriyent” jurnalının 12-ci sayını oxusanız kifayətdir. Mən Nazirlər Kabinetinin 2006-cı il fəaliyyəti haqqında hesabatının qəbul olunmasının lehinə səs verəcəyəm. Deputat həmkarlarımı da buna müsbət səs verməyə çağırıram.
Sədrlik edən. Gövhər Baxşəliyeva.
G. Baxşəliyeva. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Milli Məclis iştirakçıları! Mən müzakirəyə təqdim olunmuş Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyəti haqqında hesabatı bütövlükdə müsbət qiymətləndirirəm və onun lehinə səs verəcəyəm. Nazirlər Kabinetinin hörmətli üzvlərinə də gələcək fəaliyyətlərində yeni uğurlar arzulayıram. 94 saylı Bərdə kənd seçki dairəsini təmsil etdiyim üçün mən bilavasitə Bərdə haqqında danışmaq istərdim. Bərdə rayonunda son illərdə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində xeyli işlər görülmüşdür. Yeni yollar salınmış, yeni müəssisələr açılmışdır. Xeyli abadlıq işləri aparılmış, yeni məktəblər açılmış, bir sıra digər quruculuq işləri görülmüşdür.
Bununla belə, mən burada seçicilərimlə görüşlərdə qaldırılan bəzi məsələlər haqqında danışmaq istərdim. Onlar bu tribunadan onların arzularının səsləndirilməsini, onların problemləri haqqında danışılmasını istəyirlər. Seçicilərim görüşlərdə və yazdıqları məktublarda bir çox məsələlər qaldırırlar. Ən əsas məsələ su problemidir. Həm torpaqların suvarılmasına, həm də içməli suya böyük ehtiyac var. 2007-ci ilin büdcəsi müzakirə olunanda, demək olar ki, bütün deputatlar bu haqda danışdılar və maliyyə naziri bu məsələyə öz münasibətini bildirdi. O dedi ki, artezian quyularının qazılması baha başa gələn və o qədər də iqtisadi səmərəsi olmayan bir məsələdir. Biz bununla razıyıq, amma siz insanların da vəziyyətini başa düşün. Onlara torpaq paylanılıb. Əkirlər, amma o torpağı suvara, məhsul əldə edə bilmirlər.
Torpaq bölgüsü ilə əlaqədar yerlərdən çoxlu məktub gəlir. Bir sıra kənd sakinləri iddia edirlər ki, vaxtilə bölgü düzgün aparılmayıb. Mən xahiş edirəm ki, bu məsələyə də diqqət yetirilsin.
Bərdənin kəndlərində də Heydər Əliyev Fondu tərəfindən bir neçə məktəb tikilib. Mənim dairəmə daxil olan 63 kəndin böyük əksəriyyətində məktəblər var, amma problem ondan ibarətdir ki, bu məktəblərin əksəriyyətinin təmirə ehtiyacı var.
Kənd yolları haqqında da müraciətlər çox olur. Mən bu haqda aidiyyəti orqanlara müraciət edəndə mənə bir qədər istehza ilə cavab verildi ki, kənd yolları belə vəziyyətdə olar. Amma inanın, biz seçicilərə belə söz deyə bilmirik. Siz əgər kənddə yaşayırsınızsa, yollarınız abad olmamalıdır. Hər halda mən xahiş edirəm, bu məsələyə də diqqət yetirilsin. Səhiyyə sahəsində müəyyən avadanlıqlara ehtiyac var. Uşaq bağçalarının təmirinə də diqqət artırılmalıdır.
İstərdim, Milli Elmlər Akademiyasının problemləri haqqında da danışam. Hamınız bilirsiniz ki, bizim ümummilli liderimiz, mərhum Prezidentimiz Heydər Əliyev Milli Elmlər Akademiyasını Azərbaycan xalqının böyük sərvəti adlandırmışdı və bizi onu qoruyub saxlamağa çağırmışdı. Hörmətli Prezidentimiz İlham Əliyev də bu yaxınlarda iclasların birində Milli Elmlər Akademiyasında yüksək intellektual potensiallı, xalqın intellektual elitasını təşkil edən insanların çalışdığını bir daha yada salmış və bu insanların maddi vəziyyətinin, onların məvaciblərinin yüksəldilməsini bir daha vurğulamışdı. Prezidentin sərəncamı ilə fevral ayının 1-dən Milli Elmlər Akademiyasının işçilərinin məvacibləri 50 faiz artırılmışdır. Lakin bütün bunlara baxmayaraq, bu gün Milli Elmlər Akademiyasında mövcud maliyyə təminatı hələ də elmin inkişafını təmin etmək səviyyəsində deyil. Biz Konfutsinin “Elm və təhsildən bəhrələnməyi bacaran xalq daim firavan yaşayar” sözlərini yada salsaq, elmin inkişafının Azərbaycan xalqının gələcək firavan həyatında oynadığı rolu bir daha dərk edərik. Hörmətli Oqtay müəllim, mən istərdim, elmi əməkdaşların bəzilərinin aldıqları məvacibləri səsləndirəm. Məsələn, bu gün Milli Elmlər Akademiyasında şöbə müdiri, elmlər namizədi vergi tutulandan sonra 151 manat məvacib alır. Nəzərinizə çatdırım ki, elmlər namizədi və elmlər doktoru üçün verilən əlavə 30 və 50 manat əsas maaşlara əlavə edilib, sonra vergi tutulur. Böyük elmi işçi olan elmlər namizədi bu gün 121 manat alır. Şöbə müdiri olan elmlər doktoru bu gün 212 manat məvacib alır. Elmlər namizədi olan elmi işçi 110 manat alır. Siz də razılaşarsınız ki, bu, onlar üçün kifayət deyil. Qeyd etmək istərdim ki, maddi problemlər, eyni zamanda, elmdə yeniləşmə varisliyin qorunub saxlanmasına da ciddi əngəl törədir. Nəsillər arasında əlaqələrin qırılması isə elm üçün böyük təhlükədir. Bu, təkcə elmi və intellektual problem deyil, mən deyərdim ki, həm də mənəvi, əxlaqi bir problemdir. Bu problemi mütləq həll etmək lazımdır. Bu problem mövcud olduqca bugünkü gənclərin elmə, biliyə, öyrənməyə həvəsini artırmaq çox çətindir. Bu da öz növbəsində mənəvi dəyərlərin itirilməsinə gətirib çıxarır.
Mən təklif edərdim, əgər mümkündürsə, hörmətli Nazirlər Kabineti elmi işçilərə elmi dərəcə üçün əlavə verilən təminatların vergidən azad olunması məsələsinə baxsın və bu məsələni müsbət həll etsin. Mən inanıram ki, Azərbaycan iqtisadiyyatı inkişaf edəcək və Azərbaycan yaxın gələcəkdə dünyanın ən inkişaf etmiş, ən firavan, zəngin ölkələri sırasına daxil olacaqdır. Amma mən bir qədər şübhə edirəm ki, əgər elmə, alimə belə münasibət qalacaqsa, biz Azərbaycanın tam inkişaf etdiyi vaxtında Yusif Məmmədəliyev, Ziya Bünyadov, Əbdülkərim Əlizadə kimi alimlər yetişdirə biləcəyik. Odur ki, mən çox xahiş edərdim, Nazirlər Kabineti elm sahəsinə, Milli Elmlər Akademiyasına münasibətini dəyişsin və elmin inkişafı üçün əlindən gələni eləsinlər. Çünki bu bütövlükdə ölkəmiz qarşısında duran ən ümdə məsələlərdən biridir. Sonda qeyd eləmək istərdim ki, bütövlükdə hesabatı məqbul hesab edirəm, onun lehinə səs verəcəyəm. Hörmətli Nazirlər Kabinetinə gələcək fəaliyyətlərində uğurlar arzulayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, qonaqlar və mətbuat nümayədələri! Mən hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisində Nazirlər Kabinetinin hesabatının dinlənməsi və ona etimad məsələsi bizim idarəçilik sistemində ən əcaib məsələlərdən biridir. Çünki etimad göstərilmədiyi halda, Nazirlər Kabineti haqqında hansı tədbirin görülməsi barədə bizim qanunvericilikdə – nə Konstitusiyada, nə də digər qanunlarda elə bir müddəa yoxdur. Əgər öz-özlüyündə nəzərdə tutulubsa ki, – hərçənd ki, nəzərdə tutulmayıb, – belə deyil, etimadsızlıq göstərildiyi halda Nazirlər Kabineti istefaya gedir, o halda mən hesab edirəm, bizə, sadəcə olaraq, səliqəsiz tərtib olunmuş, statistik topludan ibarət belə bir hesabat təqdim edilməzdi. Azərbaycan Respublikası Nazirlər Kabinetinin səlahiyyətləri haqqında Konstitusiyanın 119-cu maddəsi var. Həmin maddədə Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilən məsələlər sadalanıb. Hesab edirəm ki, hesabat həmin vəzifələr əsasında qurulmalı idi və ayrı-ayrı nazirliklərin və komitələrin rəhbər, icra orqanlarının gördükləri işlər haqqında statistik arayışların mexaniki toplumu əvəzinə, bizə analitik bir şəkildə təhlil olunmuş hesabat təqdim edilməli idi.
Mən bu cür mətndə ifadə olunmuş hesabata və hörmətli Baş nazirin hesabat adına etdiyi təxminən 10-12 dəqiqəlik çıxışına konkret münasibətimi və mülahizələrimi bildirirəm. Bilirsiniz ki, Nazirlər Kabinetinin səlahiyyətlərinə aid edilən birinci məsələ Azərbaycan Respublikası dövlət büdcəsinin layihəsini tərtib edib Prezidentə təqdim etməkdir. Bu yaxınlarda dövlət büdcəsi müzakirə olunub, qəbul edildi. Biz onun əleyhinə səs versək də, bu, qəbul edildi. Yadınıza salıram ki, dekabr ayında 1,6 milyard Azərbaycan manatı həcmindəki dövlət investisiya proqramları haqqında cənab Baş nazirə deputat sorğusu ilə müraciət etməyimə baxmayaraq, bu günə qədər nə deputatlara, nə də ayrı-ayrılıqda onu istəyənlərə təqdim olunmayıb. Bu onu göstərir ki, əgər dövlətin investisiya proqramları layihəsi yoxdursa, bu sahəyə ayrılan vəsait tamamilə plansız, sistemsiz, qeyri-şəffaf şəkildə xərclənir ki, bu da korrupsiya üçün geniş bir imkan yaradır.
Mən konkret bir faktı diqqətinizə çatdırmaq istəyirəm. Keçən il Sabirabad rayonunda ən iri su təchizatı və kanalizasiya sistemləri üçün dövlət büdcəsindən ayrılan 1,4 milyon manatlıq vəsait hesabına layihə həyata keçirilməli idi. Bu layihə 2005-ci ilin dekabr ayında Naxçıvanda fəaliyyət göstərən bir Həsənov adlı vətəndaşın “Aztransport” firmasına guya müsabiqədə qalib olaraq verilmişdi. 6 aydır ki, konkret olaraq, “Azərsu” Səhmdar Cəmiyyətindən bunu tələb etməyimə baxmayaraq, bizə 1,4 milyonluq vəsaitin hara sərf olunması haqqında kağız üzərindəki arayışlardan başqa konkret məlumat verə bilmirlər. Belə hallar olduqca geniş şəkildə yayılmışdır. Bilmirəm, hörmətli cənab Baş nazirin birinci müavini Abid Şərifov burada iştirak edir, ya yox, 2004-cü ildə Ələt–Hacıqabul yolunun çəkilməsində yol verdiyi nöqsanlara görə “Həsənoğlu” firmasının hesabına hətta həbs qoyulmuşdu. Amma çox maraqlı bir haldır, bu yaxınlarda mətbuatda da getdi, Azərbaycanda ən iri, təxminən yarım milyard manata yaxın investisiyalı layihə olan Qəbələ–Oğuz–Bakı su kəməri yenə həmin firmaya həvalə olunub. Belə hallar çoxdur. Şübhəsiz ki, dövlət büdcəsinin xərclənməsi investisiyalar məsələsinin qeyri-şəffaf olması ilə izah olunur.
Digər məsələ maliyyə-kredit və pul siyasətinin həyata keçirilməsini təmin etməkdir. Nazirlər Kabinetinin Konstitusiya ilə müəyyən edilmiş səlahiyyətlərindən biri budur. Bu məsələyə aid burada çox maraqlı bir bölmə vardır. Bu, bank sistemi adı ilə getmişdir. Halbuki maliyyə-kredit və pul siyasəti yalnız bank sistemindən ibarət deyil. Ola bilsin ki, biz peşəkar deyilik, ona görə başa düşməmişik, amma mən ziddiyyətli dildə yazılmış bir müddəaya diqqəti cəlb eləmək istəyirəm. Orada göstərilir ki, milli valyutanın məzənnəsinin möhkəmləndirilməsi və xaricdəki inflyasiyanın bizdə gedən inflyasiyanı üstələməsi nəticəsində Azərbaycanın ixrac etdiyi məhsullar 22 faiz ucuzlaşmışdır. Nəzərə alsaq ki, Azərbaycanın ixrac etdiyi məhsullar əsas etibarilə xammaldır, çox böyük tələbata malik olan mallardır, onda onların xarici bazarda 22 faiz ucuzlaşması və bunun irəliləyiş kimi qələmə verilməsi olduqca qəribə və əslində, mənfi bir haldır.
Digər tərəfdən makroiqtisadi göstəricilərdən olan inflyasiyanın 8,3 faiz göstərilməsi özü də qəbul edilən bir məsələ deyildir. Ən yaxşı halda 17 faiz inflyasiyanın olması haqqında beynəlxalq ekspertlərin və maliyyə təşkilatlarının mötəbər rəyləri vardır. Bunu bu şəkildə ört-basdır eləmək kimə lazımdır, sözün doğrusu, bilmirəm. Çünki inkişaf eləyən iqtisadiyyata malik ölkələrdə inflyasiyanın yüksək həddə olması bir çox halda nəinki işə mane olur, əksinə, stimul yaradır. Bunun da üzərində hökumət ciddi şəkildə dayanmalıdır. Dövlətin iqtisadi proqramlarının həyata keçirilməsini hökumət təmin etməli idi. Tez-tez burada səslənir, makroiqtisadi vəziyyəti hamımız bilirik, əsas göstəricilərdən biri ümumi daxili məhsuldur. Amma Azərbaycan kimi, əsas etibarı ilə, xammal, neft hasilatına əsaslanan iqtisadiyyata malik ölkələrdə bu göstəriciləri kifayət qədər təhlil etmək və qiymətləndirmək üçün bu, metodoloji baxımdan yaramır. Nəzərə almaq lazımdır ki, neft hasilatının ən azı axırıncı dərəcədə Nazirlər Kabinetinin fəaliyyətinə dəxli vardır. Çünki burada, əsas etibarı ilə, xarici şirkətlər iş aparır. Nazirlər Kabinetinin necə fəaliyyət göstərib – göstərməməsindən asılı olmayaraq, həmin quyular qazılacaq, neft hasil olunacaq və xarici bazarlara gedəcəkdir. Bunun da ən axırıncı hallarında Azərbaycan iqtisadiyyatına və xalqına nə dəxli vardır? Məsələn, deyək ki, keçən il 21 milyon ton A-5 xətti ilə neft istehsal olunubdur. Bunun da təxminən 2 milyondan bir qədər artığı Azərbaycanın payına düşübdür. Pul hesabı ilə 20 faizi, ümumi hasilatın cəmi 13 faizi Azərbaycana çatıbdır. Yəni bunu da nəzərə almaq lazımdır.
Sosial sahə ilə bağlı da tənqidi xarakterli fikirlər söyləmək olar. Mən, konkret olaraq, məşğulluq məsələsi üzərində dayanmaq istəyirəm. Dövlət Statistika Komitəsinin hər il “Yeni iş yerləri” adlı statistik toplusu çıxır. Sonuncu dəfə 2006-cı ilin göstəricilərini əks elətdirən bir toplu çıxmışdı. Sadəcə, buna baxmaq kifayətdir ki, 500 min, 600 min iş yeri məsələsinin absurd olduğu meydana çıxsın. Seçildiyim Aran iqtisadi rayonundan bir misal gətirmək istərdim. Orada guya 133 min yeni iş yeri yaradılıbdır. Bunun da 93 mini mövsümi, beynəlxalq layihələr və digər sahələrdə olan iş yerlərinə aiddir. Bir daha təkrar edirəm, ağlı başında olan heç bir ekspert və iqtisadçı bu məsələni belə ciddi şəkildə müzakirə etməz. Sonda bir məsələnin üzərində dayanmaq istəyirəm. Nazirlər Kabineti bizim qəbul elədiyimiz qanunlara uyğun normativ aktlar qəbul edərkən istehlakçıların və sahibkarların ziyanına olduqca ciddi təhriflərə yol verir. Məsələn, “Energetika haqqında” Azərbaycan Respublikasının Qanunu var. Orada istehlakçı və istehsalçı arasındakı münasibətlərin müqavilə əsasında olması və həmin müqavilənin, konkret olaraq, məsələn, elektrik enerjisinin tezliyinin, gərginliyinin və s. parametrlərinin təsbit olunması öz əksini tapmışdır. Amma Nazirlər Kabinetinin, səhv eləmirəmsə, 2005-ci ilin dekabrında qəbul elədiyi Elektrik enerjisinin istifadə qaydaları haqqında sənəddə əlavə olaraq müqavilənin nümunəsi məişət abonentləri ilə qəbul olunmuşdur və bunların heç birinə əməl olunmamışdır. Təkrar edirəm, belə hallar çox olmuşdur. Odur ki, ciddi nöqsanlarla işlədiyinə və başlıca olaraq, başdan-ayağa korrupsiya sisteminin təşkilatçısı olduğuna və onun başında durduğuna görə mən Müsavat deputat qrupu adından Nazirlər Kabinetinin etimadsızlığına səs verəcəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən. Hörmətli millət vəkilləri, xahiş edirəm, əyləşəsiniz. Müzakirəyə davam edirik. Qənirə Paşayeva.
Q. Paşayeva. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Hökumətin hesabatını diqqətlə oxuduq və həqiqətən də, ölkəmizdə iri iqtisadi layihələr həyata keçirilir. Ümumiyyətlə, ölkəmizdəki iqtisadi inkişaf hər kəsə bəllidir. Amma mən Ermənistanla ən böyük sərhəd əraziləri olan Tovuz rayonunu təmsil edən millət vəkili kimi hökumət üzvlərindən bəzi məsələlərə daha dəqiq cavab almaq istərdim. Təəssüf ki, bu məsələlərlə bağlı yazdığımız məktublara dəqiq cavablar ala bilmirik.
Hörmətli Sədr, yəqin, Sizin də yadınızdadır, burada müzakirələr zamanı Müdafiə Nazirliyinin nümayəndəsi dedi ki, bəli, siz haqlısınız, biz də Təhsil Nazirliyinə bu məsələdə kömək edərik. Amma bu günə qədər bu məsələ öz həllini tapmayıb. Söhbət nədən gedir? Söhbət ondan gedir ki, bu gün Azərbaycan dövlətinin ən birinci məsələsi ərazi bütövlüyünü təmin etməkdir. Təbii ki, ərazi bütövlüyünün təmin edilməsində əsas rolu ordu oynayacaqdır. Amma bu gün bizim cəbhəyanı bölgələrdə orduya göndərəcəyimiz gənclər yaşayırlar. Biz orta məktəbdə oxuyanda silahdan, avtomatdan çox rahat şəkildə istifadə eləyə bilirdik. Heç onda Azərbaycanın ərazi bütövlüyü problemi də yox idi. İndi isə orduya göndərdiyimiz gənclər belə silahdan yaxşı istifadə eləyə bilmirlər. Çünki bizim hərbi dərslərimizin səviyyəsi çox aşağıdır. Gənclərimiz hərbi dərslərdə silah görmür, cəbhə nədir, sərhəd nədir, bundan xəbərsizdirlər. Biz bu məsələni qaldıranda bildirildi ki, bunlar təhlükəsizlik nöqteyi-nəzərdən yığışdırılıb. Amma biz təklif etdik ki, hər rayonda bir mərkəz yaratmaq olar. Mən bu gün orduda təcrübəsizlikdən nələrin baş verdiyini açıqlamaq istəmirəm. Amma, sadəcə olaraq, nəzərinizə çatdırıram ki, bu günə qədər bu məsələ öz həllini tapmayıb, yenə də məktəblərimizdə hərbi təhsilin səviyyəsi sıfırdır.
İkinci bir məsələ. Bu gün ölkə Prezidenti cənab İlham Əliyev bildirdi ki, Azərbaycanın ən vacib məsələlərindən biri informasiya müharibəsidir. İnformasiya müharibəsi üçün də bu gün dünyanın qəbul etdiyi mexanizmlər var. Bu gün dünyanın müxtəlif xalqları, hətta Sovet İttifaqından çıxan xalqlar belə öz tarixləri ilə bağlı çox gözəl filmlər yaradıblar və bunu beynəlxalq arenaya çıxarıblar. Doğrudanmı, bizim büdcəmizdə vəsait tapılmayıb ki, normal səviyyədə beynəlxalq festivallara çıxaracaq bir film istehsal edək? Biz bununla tanıtmalıyıq Azərbaycanı, amma bunu etməmişik.
Sonra, Tovuz rayonunun Ermənistanla 73 kilometr sərhədi var. Ümumiyyətlə, mənim düşüncəmdə cəbhəyanı kəndlərimiz həm də siyasət deməkdir. Çünki bizim kəndlərimizdən cəmi 30 metr aralıda ermənilərin evləri, erməni silahlı qüvvələrinin mövqeləri yerləşir və bizim kəndlərimizdəki inkişafı da, yüksəlişi də və problemləri də gözəl görürlər. Mən şəxsən təmsil etdiyim rayon adından danışıram və xahiş edirəm, sərhədyanı kəndlərə diqqət, qayğı artırılsın. Gündə bir insanı vururlar, yaralayırlar, onlara vaxtında təcili yardım göstərmək üçün mövcud vəziyyət necədir? Sağ olsun hökumətin üzvləri, yazdıq, bir kəndimizə məktəb tikintisinin layihəsini saldılar. Yazmasaydıq, onda biz gözləməli idik ki, ən böyük sərhədyanı kənddə məktəb uçsun, uşaqların getməyə yeri olmasın, ondan sonra bu işi görək.
Mən hökumət üzvlərindən xahiş edirəm ki, Ermənistanla sərhədyanı kəndlərimizin problemlərinə xüsusi diqqət yetirsinlər. Elektrik xətləri barədə mən cənab Pirverdiyevə bir neçə dəfə müraciət etmişəm. Neçə illərin xətləridir, onlar təzələnməlidir. Biz bu insanlara hamıdan çox diqqət ayırmalıyıq, çünki onlar bizim ön cəbhəmizdə otururlar.
Digər məsələ səhiyyə ilə bağlıdır, mən istərdim ki, Oqtay müəllim bu məsələyə aydınlıq gətirsin. Mən müraciət yazıram, amma bir nəticə alınmır. Ölkəmizdə kifayət qədər ürəyi qüsurlu uşaqlar var. Bu əməliyyatların qiyməti neçəyədir? Cəmi iki xəstəxanada bu əməliyyat aparılıb, ən azı 5 min dollar ödənilib. Bu adam kənddə evini satsa da, heç 5 min dollar eləməz. Onlar elə xəstələrdir ki, hər dəqiqə ölə bilərlər. Bununla bağlı indiyə qədər bir proqram yoxdur və biz o insanlara cavab verə bilmirik. Böyrək köçürmə ilə də bağlı vəziyyət belədir. Mən istərdim ki, 2007-ci ildə adamlara cavab vermək üçün bu sahədəki vəziyyəti bizə açıqlasınlar.
Hörmətli Misir müəllim buradadır. Müəllimlər İnstitutunun 11 rayonda filialı var, hamısı da savadsız müəllim kadrları yetişdirməklə məşğuldur. Mən çox xahiş edirəm, oranı bitirən müəllimləri attestasiyadan keşirsinlər. Mən öz rayonumuzun təhsil şöbəsinin müdiri ilə bir neçə dəfə bu barədə söhbət etmişəm. Demişəm ki, bu müəllimləri məktəbə buraxmayın. Bunların savaddan və müəllimlikdən xəbərləri belə yoxdur. Bu məsələ nə vaxt yoluna qoyulacaq? Axı, biz buna büdcədən xeyli vəsait ayırırıq.
Gülər xanım da dedi, mən də onun fikirləri ilə razıyam, ölkəmizdə çox gözəl layihələr, iqtisadi proqramlar həyata keçirilir. Amma mən hesab edirəm ki, hökumətin uğurlu fəaliyyətinin ən başlıcası yerlərdə icra strukturlarının necə işləməsindən asılıdır. Mən təklifi dəstəkləyirəm ki, icra başçılarının da hesabatı olsun. Nə baş verir? Hörmətli Qərib müəllim də buradadır, neçə dəfə danışmışıq, bir məsələni müzakirə eləmişik. Hər gün o komitəyə məktub yazıram. Neçə ildir, torpaq islahatı başa çatıb, amma insanlar, hətta şəhid ailəsi torpağını bu günə qədər ala bilmir. Mən bir dəfə Qərib müəllimin televiziyada çıxışını eşitdim, deyir ki, neyləyək, bəzi rayonların icra başçıları ilə bacara bilmirik. Bu nə deməkdir? Qərib müəllim özü desin, elə adam var ki, mən 4 dəfə onun problemi ilə bağlı komitəyə məktub yazmışam, amma bu günə qədər də o problem həllini tapmır. Bu insanın əlində dövlət aktı var, bütün sənədləri qaydasındadır. Mən xahiş edirəm ki, bu məsələlərdə ciddi olsunlar, çünki belə olanda insanların artıq deputata hörməti qalmır. Hörmətli Oqtay müəllim, mən xahiş edərdim, hökumətimizin üzvləri də buradadır, biz bir məsələni qərarlaşdıraq. Sağ olsun Gövhər xanımı, bu məsələyə toxundu. Mən hələ kəndlərimizin yollarını demirəm, magistral və müdafiə qabiliyyətli yollarımız var. Tovuz rayonuna bir xarici qonaq dəvət edəndə adam utanır. Deyirik ki, kənd yollarına bələdiyyələr baxır. Mən bələdiyyəyə deyirəm ki, yollarda palçıq dizə çıxıb, niyə düzəltmirsiniz? Deyir ki, Qənirə xanım, büdcəni gətirim baxın, bizim birillik büdcəmiz bir küçəni əsaslı təmir etməyə çatmır. İndi biz bunu vermişik bələdiyyəyə, bələdiyyə də deyir ki, gücüm çatmır. Bizim kənd yollarının məsələsi necə olacaq, xahiş edirəm, buna da aydınlıq gətirilsin.
Digər bir məsələyə də toxunmaq istəyirəm. İstərdim, əmanətlər məsələsinə hökumətimiz aydınlıq gətirsin. O vaxt büdcədən vəsait ayrılanda biz də bunu insanlara danışdıq. Sonra məlum oldu ki, bu, mümkün olmadı. O vəsait ayrılmışdı, nə vaxt qaytarılacaq? 2006-cı ildə vəsait ayrıldı, 2007-ci ildə nəyi gözləyəcəyik, mən xahiş edirəm, bu məsələyə aydınlıq gətirsinlər.
Sonra, hökumətdən bir xahişim var. Ölkəmizin bir çox bölgələrində çox gözəl inkişaf gedir. Mən çox sevinirəm və fərq də qoymuram ki, bu, Azərbaycanın hansı rayonudur. Amma rayonlar arasında qəribə bir fərq yaranıb. İnsanlar da bunu danışırlar, bəzi rayonlar çox gözəl inkişaf edib, bəzilərində isə inkişaf çox aşağı səviyyədədir. Məsələn, mən istərdim, Tovuz rayonu ilə bağlı danışılsın. Bu, ən böyük və potensiallı rayonlardan biridir. Amma təəssüf ki, bir çox rayonlarda sadaladığımız nəticələri Tovuz rayonu üçün sadalaya bilmirik. Buna da istərdim, aydınlıq gətirilsin.
Biz bir müddət əvvəl ombudsmanın hesabatını dinlədik. Ombudsman bildirdi ki, Bakı şəhərindəki məktəblərin də həyətləri yaşayış binaları üçün tikintiyə verilib və artıq məktəblərin həyətləri ləğv olunur. Bu, ağır məsələdir. Biz ərazi saxlamalıyıq ki, gələcəkdə Bakıda məktəb tikintisi aparılsın. Cənab təhsil naziri buradadır, amma bilmirəm, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı da buradadır, ya yox, bu məsələyə aydınlıq gətirsin ki, niyə bu vəziyyət yaranıb və bu vəziyyətin qarşısı nə vaxt alınacaqdır?
Sonra, ölkəmizdə gözəl bir proqram – İpoteka proqramı həyata keçirilir. Mən bunu dəstəkləyirəm, çünki bu, insanlarımızın müəyyən hissəsinə kömək olacaqdır. Amma ipoteka kreditinin sürətlə verilməsindən evlərin qiyməti ən azı iki dəfə qalxıb. Bu günlərdə Hyustondan qonaq gəlmişdi, ondan soruşdum ki, ABŞ-da ikiotaqlı mənzili neçəyə almaq olar. O da cavab verdi ki, təxminən 80 min dollara. Amma bu gün Bakıda ikiotaqlı mənzili, – mərkəzdən kənara çıxıram, – 100 min dollara almaq çətin məsələdir.
Sədrlik edən. Qənirə xanım, çox sağ olun. Cəmil Həsənli.
C. Həsənli. Təşəkkür edirəm. Cənab Sədr, çox hörmətli Baş nazir, millət vəkilləri və Azərbaycan hökumətinin hörmətli üzvləri, mətbuat nümayəndələri! Bu gün biz artıq bir neçə saatdır ki, hökumətin hesabatını müzakirə edirik. Bəri başdan deyim ki, hökumətin birillik fəaliyyətində, şübhəsiz ki, müsbət məqamlar da var və sosial-iqtisadi həyatda müəyyən irəliləyişlərə də nail olunub. Bunlar hesabatda öz əksini tapıb. Amma mən hesabatın strukturu ilə və bir də məni narahat edən bəzi məsələlərlə bağlı fikirlərimi deyəcəyəm. Ümid edirəm ki, qaldırdığım məsələlər sizin tərəfinizdən nəzərə alınacaq. Bu məsələləri qaldırmaqda məqsədimiz Azərbaycan hökumətinin fəaliyyətinin daha da yaxşılaşmasını, Azərbaycanın inkişaf edən dövlətlər sırasında olmasını görməkdən ibarətdir.
Birinci, bu məsələ bir neçə dəfə də qalxıb, Azərbaycan hökuməti tam heyətdə hesabat vermir, bu, dünya praktikasına ziddir. Nazirlərin hamısı hökumətin üzvüdür və onlar hesabatda iştirak etməlidirlər. Bilirsiniz, vaxtilə dində 124 min peyğəmbərdən dördü seçilmiş peyğəmbərlər hesab olunurdu. Bu gün, elə bil ki, Nazirlər Kabinetinə sığışmayan nazirliklər var. Bunu belə izah eləməyə çalışırlar ki, onlar Prezidentə tabedirlər. Nazirlər Kabineti struktur etibarilə birbaşa Prezidentə tabedir və bu gün Müdafiə Nazirliyi, Xarici İşlər Nazirliyi, Milli Təhlükəsizlik Nazirliyi və Daxili İşlər Nazirliyi niyə hökumətin hesabatına daxil olmamalıdır? Bu, birbaşa Azərbaycanın Konstitusiyasına ziddir.
İkincisi, cənab Baş nazir, mən bu sorğunu bilavasitə Sizə vermək istəyirəm. Yüzə yaxın ziyalı mənə müraciət edib. 2006-cı ilin, yəni hesabat ilinin iyun ayında İçərişəhərin “Azneft” meydanında, Neftçilər prospektində yerləşən, YUNESKO və Azərbaycan qanunları tərəfindən qorunan 77-ci və 79-cu memarlıq abidələrini söküblər. Biz – deputatlar Avropa Şurasına, ATƏT-ə və digər təşkilatlara müraciət edirik ki, işğal olunmuş ərazilərdə ermənilər bizim abidələri dağıdırlar. Bəs gözümüzün qabağında baş verənlərə nə ad verək? Siz – hökumətin üzvləri ən azı gündə iki dəfə oradan keçirsiniz. XIX əsrdə Azərbaycanda, Bakıda quberniya yarananda orada ilk qubernatorun iqamətgahı yerləşdi və onun yanında Mixaylovski bağı salındı. İndiyə qədər ona müdaxilə edilməmişdi. Cənab Baş nazir, həmin bina ilə birlikdə 50 metrlik qala divarı da sökülüb. İçərişəhər YUNESKO tərəfindən qorunur. Daha hara tərəfindən qorunmalıdır ki, Azərbaycanın memarlıq  abidələri bu cür biabırcasına dağıdılmasın. Oranı dağıdanlar elə adamlardır ki, şəhərin istənilən yerində tikinti üçün yer ala bilərdilər. Azərbaycan mədəniyyətinə, memarlıq abidələrinə belə münasibət yolverilməzdir. Təzə qayda düşüb, hansı vəzifəli şəxsin hansı memarlıq abidəsinə gözü düşürsə, bir gecənin içində ona od vurur, dağıdır, yerlə-yeksan eləyir. Üzeyir Hacıbəyov prospektində 13-cü ünvanda yerləşən abidəni, “Azərbaycan” kinoteatrının yaxınlığındakı binanı və onlarla bu vəziyyətə düşmüş ünvanları sizə deyə bilərəm. Hesabatda da var, hökumətin qayğısı tarixi memarlıq abidələrini qorumaqdır. Neftçilər prospektindəki hadisə ilə bağlı Mədəniyyət Nazirliyinə, Bakı Şəhər İcra Hakimiyyətinə sorğu verirəm, deyirlər ki, bizə aidiyyəti yoxdur. Bəs bunlar kimə aiddir və kim bu özbaşınalığa cavab verəcəkdir? Xahiş edirəm, bunu nəzərə alasınız.
Hesabatda ümumi daxili məhsulun artımının 34 faiz olduğu göstərilir. Əlbəttə, bu, ürəkaçan rəqəmdir. Amma bunun 62,7 faizi neft sektorunun, 12,1 faizi isə qeyri-neft sektoruna düşür. Əlbəttə, mən qonşu respublikalarda, xüsusən Ermənistandakı rəqəmi səsləndirmək istəmirəm. Ermənistanda neft olmadığı üçün bizim qeyri-neft sektoru adlandırdığımız sahə bütövlükdə onlarda adekvatdır. Necə ola bilir ki, belə imkansız bir respublika ilə Azərbaycandakı artım arasındakı fərq var və bu fərq də onların xeyrinədir.
Burada kənd təsərrüfatı ilə bağlı çox geniş məlumat verilir və göstərilir ki, bir sıra obyektiv və subyektiv səbəblərdən istehsalın ümumi həcmi 2005-ci illə müqayisədə 2006-cı ildə cəmisi 0,9 faiz artmışdır. Bu o deməkdir ki, kənd təsərrüfatında, ümumiyyətlə, artım olmayıb. Bunun səbəbini müxtəlif vasitələrlə izah etməyə çalışırlar. Amma bunun bir böyük səbəbi var. 2006-cı ildə enerji daşıyıcılarının, yanacağın qiymətinin qaldırılması kənd təsərrüfatını bu vəziyyətə çıxardı. O vaxt da deyildi ki, bunu eləmək olmaz. Kənd təsərrüfatını subsidiya üzərində oturtmaq azad rəqabət qaydalarına tamamilə ziddir. Elə kənd təsərrüfatı ilə bağlı digər bir məsələni də müqayisə eləyək. Siz hesabatda göstərirsiniz ki, açılan iş yerlərinin 83 faizi regionlara aiddir. Yəni bu o deməkdir ki, 174 min iş yerinin 130 mini regionlara aiddir. Regionlar da, əsasən, kənd təsərrüfatı üzərində qurulub. Kənd təsərrüfatında artım 0,9 faizdirsə, regionlarda 130 min iş yeri açılmasından necə söhbət gedə bilər? Nazirlər Kabinetinin səlahiyyətli nümayəndələri inciməzlər, bu iş yerlərinin açılması ilə bağlı hesab edirəm ki, onlar səhv məlumatlar verirlər və ölkə başçısı da bu məlumatı təkrar edir. Hətta sizin bizə hesabat kimi təqdim etdiyiniz kitabda gətirdiyiniz rəqəmlər bir-birinə düz gəlmir. Səhifə 9-a diqqət yetirin. Səhifə 9-da yazırsınız ki, 520 min yeni, o cümlədən 275 min daimi iş yeri açılıb. Amma səhifə 92-də isə yazırsınız ki, 520 min yeni, o cümlədən 367 mini daimi iş yeri açılmışdır. Bu necə ola bilir, 92 min iş yerinin fərqi nə ilə izah olunur? Ümumiyyətlə, bu rəqəmlər həqiqətə uyğun deyil. Bütövlükdə Azərbaycanda açılan iş yerlərinin sayı 100 mindən çox deyil. Hörmətli nazirlər, siz bu rəqəmləri verirsiniz, amma iş üçün bizə müraciət eləyənlərin sayı, təəssüf ki, azalmır. İşlə təmin olunmaq barədə verdiyimiz sorğuların hər birinə bir qayda olaraq müsbət cavab verilmir. Əgər doğrudan da, 520 min iş yeri açılırsa, onda bizim göndərdiyimiz adamlar da işlə təmin olunsunlar.
Burada göstərilir ki, qiymətlərin artımı 8,3 faiz olub. Bu rəqəm inandırıcı deyil. Qiymətlərin artımı 2006-cı ildə sizin bizə təqdim etdiyiniz rəqəmlərdən iki dəfə artıq olub. Bu rəqəmə əsaslanıb real əmək haqqının 14 faiz olduğunu göstərmək də həqiqətdən uzaqdır. Yeri gəlmişkən, pul gəlirlərinin real artımını səhifə 8-də 14 faiz, səhifə 81-də isə 15,1 faiz göstərirsiniz. Bunların hansı doğrudur? Biz bunların hansına inanaq?
Aztəminatlı 50 min ailənin ünvanlı sosial yardımla təmin olunmasını yazırsınız. Mən sizi əmin edirəm ki, aztəminatlı ailələr bundan dəfələrlə çoxdur və sadəcə olaraq, sənədləşmənin düzgün aparılmamasından bu ailələrin böyük bir hissəsi ünvanlı yardımdan kənarda qalmışdır. Yoxsulluğun səviyyəsi haqqında təqdim edilən rəqəmlər ev təsərrüfatında aparılan təhqiqatlarla hesablanır. Haçandan ev təsərrüfatında aparılan təhqiqatlar ciddi bir fikir söyləmək üçün əsas ola bilər?
Sədrlik edən. Sağ olun. Valeh Ələsgərov.
V. Ələsgərov. Çox sağ olun, cənab Sədr. Sözün düzü, mən bu iclasa çox tələsirdim. Dünən Moskvada rəsmi səfərdə idim, əlimdən gələni elədim ki, özümü çatdırım, bu iclasda iştirak eləyim. Məqsədim ondan ibarət idi ki, hökumətin buradakı nümayəndələri ilə bir də fikir mübadiləsi aparaq, bəzi makroiqtisadi nəzəri və tətbiqi məsələlər, bunların arasında olan proporsiyalar, bunların biri-birinə təsiri, trendlər, tendensiyalar və sairə haqqında danışaq. Ancaq bugünkü müzakirə məndə bir qorxu yaratdı. Belə getsə, qısa bir zamanda Azərbaycan Sosialist Respublikasını və Dövlət Plan Komitəsini bərpa eləyəcəyik, neft gəlirlərini bir-iki ilə qabaqcadan xərcləyib, sonra yenidən bazar iqtisadiyyatına keçəcəyik və sairə. Çox üzr istəyirəm, məni bu məsələlər çox narahat edir.
Komissiyaların birgə iclasında büdcə müzakirə ediləndə, Samir müəllim, bəlkə yadınızdadır, mən “eyforiya” sözünü işlətdim. Pul var, gəlin, xərcləyək. Amma nəticələrə kim cavab verəcəkdir? Fikirləşin, bir baxın. Gəlin, onda hamımız seçildiyimiz rayonlarda olan bütün problemləri yazaq, Nazirlər Kabinetinin üzvlərinə verək. Onlar da hesablasınlar və bizə desinlər ki, yolunuzu, məktəbinizi - hamısını bir-iki ilə düzəldirik, tələb olan büdcə vəsaiti də bu qədərdir. Biz də deputat olaraq deməliyik ki, bunun mənbəyi budur, götürün, tikin. Kim, hansı nazir etiraz eləyər? Heç bir nazir buna etiraz eləməz.
Demək asandır. Gəlin, tikək. Mən də, Ziya müəllim də, Samir müəllim də, Baş nazir də bunu istəyir. Yüzdə-yüz bilirəm ki, yolu pis, kimisə imkansız görəndə onların da ürəyi ağrıyır. Amma onların bizdən fərqi ondan ibarətdir ki, məsuliyyət daşıyırlar. Bu gün onlara “xərcləyin” demək asandır. Gələn hesabatda inanın, məsələ qalxacaq ki, inflyasiya elə getdi, filan şey belə getdi. Deməli, yenə günahkar onlar çıxacaqlar. Biz də onlarla bərabər bu ölkəyə, bu ölkənin gələcəyinə görə məsuliyyət daşıyırıq. Mənə inanın, səmimi deyirəm, mən, doğrudan da, çıxışlara qorxu ilə yanaşıram. Əgər bizim nazirlər bu dediklərinizi həyata keçirsələr, ölkənin maliyyəsi dağılar.
Biz nədən danışırıq? Gəlin, hesabatdan, orada olan qüsurlardan danışaq. Biz burada iki düşmən düşərgəsi deyilik, axı. Məqsədimiz eynidir. Hamımızın məqsədi bu dövləti, bu məmləkəti, bu ölkəni qüdrətli, zəngin görməkdir. Fikir ayrılığı, fikir mübadiləsi ola bilər. Təkliflər də ola bilər, amma hər kəs buna görə məsuliyyət də daşımalıdır.
Təkcə seçildiyimiz kəndə, qəsəbəyə görə yox, ölkəyə, millətə görə hər birimizin məsuliyyəti var. Çox üzr istəyirəm, hər kəs öz rayonunun yollarından, məktəblərindən və sairədən danışsa, ən önəmli məsələlər qıraqda qalacaq. Yaxşı, tutaq ki, gələn hesabat ilində iki məktəbin yerinə 5 məktəb tikəcəklər, istilik də verəcəklər. Bununla ölkənin problemləri həll olunur? Ölkə, dövlət səviyyəsində, regional siyasət səviyyəsində həll olunası məsələlər var. Biz bunlardan danışmalıyıq.
Biz hər bir təklifimizi verəndə fikirləşməliyik ki, bunun maliyyə mənbəyi nədir və haradandır? Demək asandır. Maliyyə mənbəyini göstərmək borcumuzdur. Bir də, fikirləşməliyik ki, bu maliyyənin istifadəsi hansı makroiqtisadi nəticələrə gətirib çıxaracaqdır. Bunun üçün Nazirlər Kabineti ilə bərabər, biz də məsuliyyət daşıyırıq. Bu məsuliyyəti mən hiss eləyirəm. Biz bəzən bunu yadımızdan çıxarırıq. Elə bil, kimsə bizə deyib ki, siz tələb eləməlisiniz, onlar da icra eləməlidir. Mən bunu deputat kimi də, Azərbaycan vətəndaşı olaraq da qəbul eləmirəm və beynəlxalq təcrübəni, bu mərhələni, keçmiş ölkələrin vəziyyətini bildiyimə görə bunun əleyhinə çıxış edirəm. Bu yolla getsək, biz bu ölkəni dağıda bilərik. Çox üzr istəyirəm. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli hökumət üzvləri! Son illərdə olduğu kimi, 2006-cı ildə də nazirliklər və digər mərkəzi icra hakimiyyəti orqanları dövlət başçısının tapşırığına əsasən müvafiq dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası üçün gərgin işləmiş və ölkənin sosial – iqtisadi inkişafında böyük uğura nail olmuşlar. 2006-cı ildə Azərbaycanın iqtisadiyyatı, həqiqətən, sürətlə inkişaf etdi, daha yüksək göstəricilərə çatmış oldu. Bunlar ümummilli liderimiz Heydər Əliyevin iqtisadi siyasətinin möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən böyük cəsarətlə davam etdirilməsinin və uğurlu icrasının nəticəsidir.
Ötən il ölkə iqtisadiyyatı 2005-ci illə müqayisədə 35 faizə qədər artıma nail olmuşdur. Bu, dünyada ən yüksək göstəricidir. Hesabat ilində hökumətin diqqət yetirdiyi əsas sahələrdən biri regionların sosial-iqtisadi inkişafı və bu sahədə məlum dövlət proqramının icrası olmuşdur. Bu istiqamətdə müsbət meyllərdən biri hökumətin ölkə regionlarında infrastruktur və kommunal sahə obyektlərinə önəm verməsi olmuşdur. Bu məqsədlə ayrılmış və istifadə olunmuş investisiyaların həcmi 550 milyon manata yaxın olmuşdur. Bunun nəticəsidir ki, hesabat ili ərzində ölkədə yaradılmış yeni müəssisə və istehsal sahələrinin 40 faizdən çoxu regionların payına düşür. Açılmış iş yerlərinin 80 faizi də regionlarda olmuşdur.
Bunun nəticəsi olaraq 2006-cı ildə regionlarda irili-xırdalı 1500-dən çox müxtəlif təyinatlı istehsal və sosial sahə obyektləri yaradılıb, istifadəyə verilmişdir. Kənd təsərrüfatı istehsalı üçün vacib olan texniki və aqrokimyəvi xidmətlərin göstərilməsi məqsədi ilə respublikanın 51 rayonunda təsərrüfat hesablı texniki servis xidməti şəbəkələri yaradılmışdır. İl ərzində büdcədən ayrılmış vəsait və müxtəlif qrantlar hesabına “Aqrolizinq” şəbəkəsinə 305 ədəd taxılyığan komayn, 500 ədəd müxtəlif traktor və 1500 ədəd digər kənd təsərrüfatı texnikası alınıb gətirilmişdir. Dövlət büdcəsinin hesabına mineral gübrələr və pestisidlər alınaraq fermerlərin istifadəsinə verilmişdir. Hesabat ilində kənddə görülən işlərin ən vacibi suvarılan torpaqların su təchizatının və onların meliorativ vəziyyətinin yaxşılaşdırılması, sel və daşqın sularına qarşı mübarizə tədbirlərinin davam etdirilməsi sahəsində konkret tədbirlərin həyata keçirilməsi olmuşdur. Ölkə üzrə 1,3 milyon hektar əkin sahəsi suvarma suları ilə təmin edilmişdir.
Görülən bu işlərlə yanaşı, hesabatda etiraf edildiyi kimi, ölkədə lazımi qədər istehsal gücləri və xammal ehtiyatı olduğu halda, bir çox məhsulların, o cümlədən quş ətinin, kərə, günəbaxan və qarğıdalı yağlarının, ət, qənnadı və makaron məmulatlarının, yeyinti spirtinin və tütün məmulatının idxal həcmi yüksək olaraq qalır. Bütün bunlar kənd təsərrüfatı sahəsində yerli istehsalın genişləndirilməsinə, Azərbaycan kəndlisinin öz istehsal imkanlarını genişləndirməsinə mane olur. Hökumət strukturları bu nöqsanları aradan qaldırmaq üçün icrasına başladığı təşkilati və investisiya tədbirlərini sürətləndirməlidir.
Bütövlükdə ölkə iqtisadiyyatındakı artım sürəti onu deməyə əsas verir ki, təməli ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş iqtisadi siyasət kursu möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən 2006-cı ildə də davam etdirilmiş və respublikamız bazar iqtisadiyyatı yolunda irəli doğru daha bir addım atmışdır. Mən hökumətin 2006-cı ildə fəaliyyətinə dair hesabatını məqbul hesab edirəm və nəzərə alınmasını təklif edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Arzu Səmədbəyli.
A. Səmədbəyli. Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir və hökumət üzvləri, hörmətli media nümayəndələri! Hökumətimizin hazırladığı hesabatı oxuyandan və hörmətli Baş nazirin çıxışını dinləyəndən sonra adama elə gəlir ki, hansısa çiçəklənən və maddi nemətləri başından aşan, insanları heç bir sosial problem yaşamayan, korrupsiyanın və rüşvətin yad olduğu bir ölkədən söhbət gedir. Az qalır adam belə bir ölkədə yaşamaq istəsin. Ancaq təəssüflər olsun ki, bizim ölkəmizdəki acı və təəssüfedici reallıqlar başqa şeyi deyir. Əlbəttə, ölkədəki müsbət dəyişikliklərə sevinirik. Ancaq Baş nazirin təriflər üzərində qurulan çıxışından və məruzəsindən sonra mən ümid edirəm ki, mənim tənqidlər üzərində qurulan çıxışıma diqqət edəcəksiniz.
Ötənilki hesabatda da deyilirdi ki, Azərbaycan iqtisadi artım tempinə görə dünyada birinci yerdədir. Mən onda sual elədim ki, bilirsinizmi, ikinci yerdə kim gəlir? İkinci yerdə o zaman İraq idi. Yenə də ötən ildə olduğu kimi deyirsiniz ki, Azərbaycan iqtisadi artım tempinə görə dünyada liderdir. İndi heç xəbəriniz varmı ki, ikinci, üçüncü, dördüncü və beşinci yerlərdə hansı ölkə gəlir? Mən sizin diqqətinizə çatdırmaq istəyirəm: Mavritaniya 2-ci, Ekvatorial Qvineya 3-cü, Maldiv 4-cü, Anqola 5-ci yerdədir. Bizim rəsmilərin təbirincə yanaşanda belə çıxır ki, ən yüksək inkişaf eləmiş ölkə Azərbaycan, Ekvotorial Qvineya, Maldiv və Anqoladır. Mən təəssüf edirəm ki, rəsmilərin hətta belə sabun köpüyünə bənzəyən sevincləri də çox sürməyəcək. Çünki Dünya Bankının proqnozlarında göstərilir ki, 2008-ci ildən başlayaraq iqtisadi artım tempi aşağı düşəcək və 2010-cu ildə cəmi 5-7 faiz təşkil edəcək. 2012-ci ildən isə Azərbaycanı tənəzzül gözləyir. Belə olan halda bizim hökumətimiz gələcəyə baxışı ortaya qoymalıdır. Bu isə real olaraq mövcud problemlərə söykənməlidir. Bizim hesabatda isə bir dənə də olsun problem qoyulmayıb. Yalnız tərif dolu topludur.
Bu ona görə deyil ki, hökumətimiz ideal hökumətdir. Xeyr. Sadəcə, bu, hökumətimizin fəaliyyətsizliyini göstərir. Axı, hökumət qarşısına bir vəzifə qoymalı və öhdəlik götürməlidir ki, bu, hesabata oxşasın. Yoxsa bunu yalnız reallıqla uzlaşmayan bəsit məlumat kitabçası adlandırmaq olar. Hətta məlumat kitabçasında belə nə insanın inkişaf indeksi, nə iqtisadi azadlıq indeksi, nə də bərabərsizlik əmsalı göstərilməyib; ümumiyyətlə, texnoloji nailiyyətləri və sosial-iqtisadi tərəqqini müəyyənləşdirən digər əmsallara da yer ayrılmayıb. Yalnız sovet statistikasının nailiyyətləri kimi ümumi daxili məhsulun, sənayenin, kənd təsərrüfatının, nəqliyyatın, xarici ticarətin artımı qeyd olunub. Bu göstəricilər isə daha çox kəmiyyət yükü daşıyır. Mən həmin göstəricilərin iqtisadi inkişafda rolunu inkar etmək fikrində deyiləm, amma yaxşı olardı ki, bununla yanaşı, hesabatda iqtisadiyyatdakı keyfiyyət dəyişikliklərinə yer ayrılaydı.
Mən istərdim ki, keyfiyyət dəyişikliklərini xarakterizə edən aşağıdakı müqayisələri hökumətin nəzərinə çatdırım və bir daha soruşum ki, niyə Azərbaycan bu vəziyyətdədir? Beynəlxalq nüfuzlu iki təşkilatın hesabatına diqqətinizi çəkmək istərdim. Ötən il Heriteyc Fondunun hesabatında iqtisadi azadlıq indeksinə görə 157 ölkə arasında (mən çox da uzağa getmək istəmirəm, burada söhbət getdi ki, biz inkişaf eləmiş ölkələrlə müqayisə oluna bilmərik. Mən daha çox çalışacağam ki, bizim keçmiş sovet ölkələri ilə müqayisəni aparım.) Azərbaycan 107-ci, Gürcüstan 35-ci, Ermənistan isə 32-ci yerdə olub. Təəssüflər olsun ki, Azərbaycan, əsasən, iqtisadi cəhətdən azad olmayan, Ermənistan və Gürcüstan isə, əsasən, iqtisadi cəhətdən qismən azad olan ölkələr qrupuna daxildir.
Dünya Bankının “Bizneslə məşğul olmaq” hesabatında Azərbaycan 96-cı, Ermənistan 46-cı, Gürcüstan isə 37-ci yerdədir. Əgər Azərbaycanda biznesə başlamaq üçün prosedurların sayı 15-dirsə, Ermənistanda 9, Gürcüstanda 7-dir.
Soruşmaq istərdim, nəyə görə bu hesabatda inflyasiyadan heç nə yazılmayıb? Məgər ölkədə qiymət artımı baş vermir? Gecə yatıb, səhər durursan ki, qiymətlər bahalaşıb. Öyünürsünüz ki, son bir il ərzində minimum əmək haqqı 20 faiz, orta aylıq əmək haqqı 25 faiz artıb. Əvvəla, bunun işləməyənlərə heç bir aidiyyəti yoxdur, əhalinin də yarısına qədəri işsizdir. İkincisi, son bir ildə əhaliyə satılan enerjinin qiyməti 3 dəfə, benzinin qiyməti orta hesabla 2 dəfə bahalaşıb. Bundan niyə danışmırsınız? Dünya Bankı proqnozlaşdırıb ki, bu il və eyni zamanda, gələn il Azərbaycanda inflyasiya səviyyəsi 17 faiz olacaq.
“Economist” jurnalının bu günlərdə Azərbaycanla bağlı yazısına qoyduğu ad bu sahədəki acınacaqlı vəziyyəti xarakterizə edir. Bu nüfuzlu jurnal yazır ki, neftdən başı gicəllənən Azərbaycan iqtisadiyyatı kəskin inflyasiya keçirməkdədir. Deyirsiniz ki, ixracatımız artır. Amma nədənsə açıqlama vermirsiniz ki, ötən il ixracatımızın təxminən 84 faizini neft və neft məhsulları təşkil edib. Deyirsiniz ki, ümumi daxili məhsul 34 faiz artıb, amma demirsiniz ki, ümumi milli məhsul nə qədər artıb. Siz yaxşı bilirsiniz ki, ümumi daxili məhsulun 50 faizindən çoxu ABƏŞ-in hesabına formalaşıb. Bəs 10-15 ildən sonra ABƏŞ olmayanda ümumi daxili məhsulu kim formalaşdıracaq? Bir az təşəbbüskar olan, azad fəaliyyət göstərən iş adamlarının çoxu ya həbs təhlükəsi altında saxlanılır, ya da əmlakı əlindən alınıb ölkədən çıxarılır. Elə bil ki, Azərbaycan iqtisadi həbsxanadır.
Niyə izahat vermirsiniz ki, nədən kənd təsərrüfatı bu günə düşüb? Cəmil müəllim çıxışında bu məsələyə toxundu. Ötən il aqrar sektorda artım cəmi bir faizə də çatmayıb. Elan edirsiniz ki, iş yerlərinin 83 faizi regionlarda yaranıb. Deyirsiniz ki, son 3 ildə 520 min iş yeri yaradılıb. 520 min iş yeri hər birində 5 min işçinin çalışdığı 104 böyük iri müəssisə, zavod, fabrik deməkdir. Yaxud da hər birində 10 min nəfərin çalışdığı 50-dən artıq böyük sənaye müəssisəsi deməkdir. Həm də göstərilir ki, bu iş yerlərinin 367 mini daimidir. Mən isə Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən deyirəm ki, son 3 ildə 274 min 479 iş yeri bağlanıb. Eyni zamanda, sizin daimi iş yerləri kimi təqdim etdiyiniz statistikanı araşdıranda məlum olur ki, onların 27,5 faizi fərdi məşğulluqdur. Özünə hörmət edən heç bir hökumət bunu iş yerlərinin açılması kimi təqdim etməməlidir. Siz bu rəqəmlərlə həm xalqı, həm hökumət üzvlərini, həm də bizi aldadırsınız.
Azərbaycan yaşayışın dəyərinə görə dünyada lider ölkə olsa da, əhalinin gəlir səviyyəsinə görə nəinki Mərkəzi və Şərqi Avropa ölkələrinə, hətta əksər MDB ölkələrinə də uduzur. Aparılmış müqayisələr göstərir ki, bütün növ ərzaq məhsullarının qiyməti region dövlətlərinin hamısı ilə, hətta Pribaltika ölkələri ilə müqayisədə bahadır. Yeganə bahalaşmayan məhsul çörəkdir ki, onun da çəkisi azalmaqda davam edir. ABŞ-da minimum əmək haqqı min, orta aylıq əmək haqqı 5 min dollar təşkil elədiyi halda, bir litr benzinin orta qiyməti bizim pulla 50 qəpikdir. Rusiyada isə orta aylıq əmək haqqı 400 dollar olmasına baxmayaraq, elektrik enerjisinin bir kilovat saatının qiyməti bizim pulla 4 qəpikdir.
Ötən il dizel yanacağının qiymətini bahalaşdıranda hökumət deyirdi ki, bütün dünyada dizel yanacağı ilə benzinin qiyməti arasında fərq yoxdur. Ona görə də dizel yanacağının qiymətini qaldırdıq ki, bu bərabərsizlik aradan götürülsün. Benzinin qiymətini yenidən qaldırdınız və dizel yanacağı ilə benzinin qiymətində yenidən fərq yaratdınız. Bəs indi buna nə deyirsiniz? Əhalinin əlində olan pullar kommunal haqlar adı ilə əlindən alınır. Hətta onların bəziləri enerji idarələrinə borclu qalmaqla asılı vəziyyətdə saxlanılır.
Bu hökumət Azərbaycanı kiçik qrup zənginlər və çoxsaylı yoxsullar diyarına və bahalı ölkəyə çevirməklə, varlıların yaşaması üçün rahat şərait formalaşdırır, kasıbları isə yaşamaq uğrunda mübarizəyə sövq edir. Biz Müsavat deputat qrupu olaraq sizləri – millət vəkillərini bu vəziyyəti yaradan, xalqı səfalətə sürükləyən hökumətin siyasətinə yox deməyə və etimadsızlıq göstərməyə çağırırıq. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Çox sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hörmətli hökumət nümayəndələri, möhtərəm millət vəkilləri! Mən hamınızı qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edirəm, hamınızın ailənizə, yaxınlarınıza, o cümlədən millətimizə ən xoş arzularımı çatdırıram.
 İlk növbədə, hesabatın fəlsəfəsi haqqında danışmaq istəyirəm. Hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatı Azərbaycan Konstitusiyasının tələb etdiyi qaydalara uyğun deyil, söz yığınıdır və çox təəssüf edirəm ki, rəqəmlərin böyük əksəriyyəti saxtadır. Azərbaycanın sürətli inkişafını təqdim edən hökumət unutmamalıdır ki, dövlət büdcəsinin mədaxilinin 77,4 faizini neftdən gələn gəlir təşkil edir və müvafiq olaraq dövlət büdcəsinə vergidən daxil olmuş vəsaitin 62,3 faizini Dövlət Neft Şirkəti və ABƏŞ təmin etmişdir. Dövlət Neft Fondunun transferi isə 15 faiz təşkil edir. Bu, bir daha göstərir ki, ölkə təksektorlu inkişaf mərhələsindədir. Bunun da acı nəticələrini çox yaxın zamanlarda xalqımız və dövlətimiz, təəssüf ki, yaşamalı olacaq.
Mən hesabatda səslənən bir sıra rəqəmlərin doğruluğu haqqında danışmaq istəyirəm. 8-ci səhifədə verilib ki, xarici ticarət dövriyyəsinin həcmi 11,6 milyard dollara çatmışdır. Rəqəmlərlə ifadədə 6,4 milyard dollar ixracın, 5,3 milyard dollar isə idxalın payına düşür. Ümumi miqdar 11,6 milyarddırsa, onda 6,4-lə 5,3-ün cəmi 11,7 edir. Hesabatda 100 milyon vəsait birdən-birə bu və ya digər şəkildə göstərilmir.
Yenə həmin səhifədə istehlak mallarının qiymətləri reallıqdan çox uzaq göstərilir. Belə ki, ərzaq məhsullarının qiyməti guya 11,9 faiz, qeyri-ərzaq məhsullarının qiyməti 5,3, xidmət sahələri isə 2,6 faiz bahalaşmışdır. Əslində, ərzaq məhsullarının qiyməti 2006-cı ildə 44 faiz bahalaşmışdır. Ət 30, kartof 46, qənd 45, soğan 60, yumurta isə 40 faiz bahalaşıb. Mən onların hətta rəqəmlə qiymətlərini deyə bilərəm. Ətin qiyməti 13500-dən 18 minə, kartofun qiyməti 1500-dən 2200-ə, qəndin qiyməti 2200-dən 3200-ə, soğanın qiyməti 2500-dən 4000 manata qalxmışdır və sair. Qeyri-ərzaq məhsullarının da qiyməti 25-30 faiz qalxmışdır. Çox təəssüf edirəm ki, hökumət burada nələrəsə əsaslanıb qiymətlərin cəmi 11 faiz artdığını göstərmişdir. Ya bazardan xəbərləri yoxdur, ya da bu hesabatı uğur kimi bizə təqdim etmək istəyirlər.
Yenə həmin səhifədə əmək pensiyaçılarının sayı və onların il ərzində aldıqları pensiyanın miqdarı göstərilib. Belə ki, 2006-cı ilin hesabatına görə 1 milyon 186 min pensiyaçı 514 milyon manat almış, onlara ayda 48 manat pensiya düşmüşdür. Adi riyazi üsulları bilənlər görür ki, adambaşına 48 manat yox, 36 manat düşür. 12 manat saxtalaşdırılaraq şişirdilib, hesabatda 48 manat verilib. Maraqlı məqamlardan biri də odur ki, bu səhifədə pensiyaçıların sayı 1 milyon 186 min yox, 1 milyon 189 min göstərilib. Bu da 3 min pensiyaçının sayının artması və büdcədən əlavə 144 min manatın ayrılması deməkdir. Bu qədər uyğunsuzluq, səhvlər, şişirtmələr, məsələlərə bəsit və sadə yanaşmaq nəyə lazımdır? Mənim xatirimə gəlir, ombudsmanın hesabatının müzakirəsi zamanı da belə fərqlər var idi və hörmətli ombudsman bizə izah etməyə çalışdı ki, bunlar texniki səhvlərdir. Hökumət də indi deyəcəkmi ki, bu, texniki səhvdir?
81-ci səhifədə əhalinin pul gəlirlərinin istifadəsi hesablanarkən, nədənsə, xərc hissəsi 0,5 faiz artıq çıxıb. Gəlirin xərclər hissəsi 100 faizdən artıq və yaxud gəlir bütövlükdə 100 faizlik ölçüdən yuxarı götürülə bilməz. Amma əhali sanki bu gəlirini xərcləyərək 0,5 faizi haradansa tapıb xərcləyib. Məsələlərə bu şəkildə yanaşmaq olarmı? Millət vəkillərinə bu şəkildə hesabatı təqdim etmək olarmı? Elə həmin səhifədə göstərilir ki, əhalinin hər bir nəfərinə düşən aylıq pul gəlirinin həcmi 22 faiz artaraq 1190 manat olmuşdur. Lakin 80-ci səhifədə göstərilir ki, əhali orta hesabla 6887,7 manatlıq istehlak malları almışdır. Əgər 81-ci səhifədəki məlumata, yəni əhalinin 69 faiz gəlirinin istehlak mallarına xərcləndiyinə inansaq, onda aylıq gəlir 1190 manat yox, 998 manat təşkil etməlidir. 192 manat fərq haradan yaranır? Onda artım 22 faiz deyil, bu rəqəmlərlə yanaşsaq, cəmi 15 faiz olur. Niyə bu qədər saxta rəqəmlər təqdim olunur? Yenə də 86-cı səhifədə əmək pensiyaçılarının sayı 8-ci səhifədən fərqli olaraq 3 min yuxarı göstərilir.
Bu mənim saydığım xırda qüsurlardır. Amma bütövlükdə hökumətin hesabatına diqqət etsəniz, nəyin şahidi olarsınız? Tutaq ki, “Baku Steel Company” şirkətində bu qədər armatur istehsal edilmişdir. Biz hamımız bilirik ki, bu zavod özəldir. Onun Azərbaycan hökumətinin hesabatına nə aidiyyəti var?
Yaxud da Kürdəmir rayonunda 12 nəfərlik özəl tibbi klinikanın açılmasının hökumətin hesabatına nə aidiyyəti var? Hökumət 12 nəfərlik özəl klinikanın tikilməsini belə uğur hesab edirsə, niyə respublikada inşa edilən bu qədər şadlıq evlərini ora yazmır? Niyə yazmır ki, filan rayonda bu qədər şadlıq evi tikilib və orada bu qədər daimi və müvəqqəti iş yeri açılıb? Hökumət özünə aid olan hissələri, büdcədən ayrılan vəsaitin hansı şəkildə xərclənməsini, büdcə məsələləri ilə bağlı onlara ayrılan yardımları, kreditləşməni və sairi nəzərə almalıdır. Amma göstərilir ki, 15 tonluq zavod Naxçıvanda, 5 tonluq meyvə qurusu istehsal edən zavod filan yerdə açıldı.
Mən ifadəmə görə hökumət üzvlərindən üzr istəyirəm, bütün bunlar, çox təəssüf ki, millət vəkillərini və əhalini aldatmaqdır. Bu, hökumətin hesabatı deyil. Kimsə hesab edirsə ki, hökumətin hesabatı belə olmalıdır, onda o, Azərbaycan Konstitusiyasında hökumətin üzərinə düşən vəzifələri kifayət qədər aydınlaşdırmalıdır. Bu hesabatda məsələlərə elə yanaşmalar var ki, sanki ölkədə baş verən proseslərin, korrupsiyanın, rüşvətxorluğun, inhisarçı iqtisadi siyasətin – bütün bunların heç birinin hökumətə aidiyyəti yoxdur. Kim bilmir ki, Bakı Şəhər İcra Hakimiyyəti və ona aid olan strukturlar bina tikintisindən nə qədər rüşvət alır. Hansı nazir, hansı millət vəkili, hansı məmur bu rüşvətin miqdarı barədə bilmir? Kim bilmir ki, Azərbaycana gətirilən maşından tutmuş kibritə qədər bütün növ məhsullara gömrük orqanlarında nə qədər rüşvət alınır və qeyri-qanuni yollarla qeydiyyatdan keçirilir. Bunu hər kəs bilir, çünki əslində, hamı bununla məşğul olur.
Hökumətin hesabatını bu şəkildə təqdim etməklə biz Azərbaycana, Azərbaycan iqtisadiyyatına uğur vəd etmirik. Əslində, biz Azərbaycan iqtisadiyyatını bu şəkildə saxtalaşdırılmış elementlərlə doldurmaqla, nəticə etibarı ilə qüsurlarımızı aradan qaldırmamaqla, bu problemlərin üzərinə getməməklə, onları həll etməməklə gələcək nəsil üçün də, sabahkı gün üçün də daha ağır ittihamlar, daha ağır vəziyyət, daha ağır sosial bəla hazırlayırıq. Hökumət bunun üzərində düşünməlidir. Hökumət daha çox bu məsələlərin üzərinə getməlidir. Amma çox təəssüf edirəm ki, az qalır bir rayonda şadlıq evinin açılmasını yeni iş yerinin açılması və yaxud da hökumətin iqtisadi göstəricilərinin artımı, hökumətin planlı iqtisadiyyatla məşğul olması kimi bizə təqdim etsinlər.
Hörmətli Valeh müəllim qeyd etdi ki, hamımız məsuliyyətimizi dərk etməliyik. Bəli, məsuliyyətimizi dərk edib bu məsələlərdə pulu hansı formada dağıtmağı yox, onun xalqa nə dərəcədə xeyirli olmasını düşünməliyik. Bu büdcəni formalaşdırırıq deyənlər unutmasınlar ki, heç bir nazir, heç bir iqtidar və yaxud müxalifət nümayəndəsi cibindən pul çıxarıb büdcəyə qoymur. O, Azərbaycan xalqının puludur, biz büdcənin Azərbaycan xalqının mənafeyinə xidmət edən şəkildə sərf edilməsinin tərəfdarıyıq. Sonda mən hörmətli millət vəkillərindən hökumətin hesabatına etimadsızlıq göstərilməsini xahiş edirəm. Çox sağ olun.
Sədrlik edən. Nizami Cəfərov.
N. Cəfərov. Cənab Sədr, cənab Baş nazir, hörmətli millət vəkilləri, hökumət nümayəndələri! Hökumətin hesabatı transendent bir şey deyil. Yəni bu haradasa hazırlanmış, xüsusi təcrid olunmuş texnologiyalardan keçmiş bir hesabat deyil. Bu bizim həyatımızdır. Bu, həyat proseslərini həm iqtisadi, həm ictimai-siyasi, həm mədəni-mənəvi baxımdan komplektləşdirən və gözümüzün qabağında gedən hadisələri təhlil edən, bizə çatdıran bir mexanizmdir. Biz bu hesabatın hazırlanmasında bütün reallığı və gerçəkliyi ilə iştirak etmişik.
Millət vəkillərinin bəzilərinin çıxışlarına qulaq asanda adama elə gəlir ki, Azərbaycanda son illər bu qədər geniş miqyasda yollar çəkilməyib, bu qədər geniş miqyasda körpülər salınmayıb, bu qədər muzeylər, teatrlar bərpa olunmayıb, ölkədə iqtisadi həyat bu qədər yaxşılaşmayıb. Yəni məsələyə bu şəkildə yanaşmaqla, məncə, respublikada görülən işlərə bu şəkildə nihilist qiymət verməklə biz yaxşı heç nəyə nail ola bilmərik. Əgər biz beynəlxalq qurumların qəbul etdiyi inkişaf tempinə də bu qədər laqeydcəsinə və ironiya ilə yanaşırıqsa, məndə belə təsəvvür yaranır ki, biz inkişaf etməsəydik, daha yaxşı olardı. Bu məntiqlə nəyə yanaşmaq olar və bu, proseslərə nə şəkildə yanaşmaqdır? Bu gün Azərbaycanda bəlkə də ən böyük hadisə yalnız iqtisadi inkişaf deyil, həm də iqtisadi idarəetmənin texnologiyasının, inzibati idarəetmə sisteminin, normal işləyən, öz işi ilə məşğul olan məmur sinfinin yaranmasıdır. Bunların hamısı bizim nailiyyətlərimizdir və son illər, həqiqətən, çox böyük işlər görülüb ki, bunu ayrıca qeyd etmək lazımdır.
Hökumətin hesabatına söz yığını demək olmaz. Mən sözdən və mətndən bir az başı çıxan adamam. Kifayət qədər məntiqli bir hesabat təqdim olunub. Bu hesabat millət vəkillərinə və Milli Məclisə hörmətlə hazırlanıb. Ən azı ayrıca bir bölmə ayrılıb və vaxtı ilə söylənmiş təkliflərlə əlaqədar ayrı-ayrı fikirlər, mülahizələr bildirilib. Bunun özü də hökumətin parlament səviyyəsində ortaya çıxa biləcək məsələlərə konkret, dəqiq münasibət bildirməsi baxımından maraqlıdır. Biz – hökumətlə parlament həmişə bir yerdə işləmişik. Milli Məclisin istənilən komissiyasında qəbul edilən elə bir qanun yoxdur ki, onun ərsəyə gəlməsində hökumət iştirak etməsin. Birincisi, bu məsələdə hökumət ən azından öz praktikası ilə, ikincisi, qanunların mətnlərinin hazırlanmasında iştirak edir. Bu mənada bizim əməkdaşlığımızın gedişi və qarşılıqlı iş üsulumuzun mövcudluğu imkan verir ki, biz hökumətin hesabatına səmimiyyətlə yanaşaq. Hadisələrə nihilistcəsinə yanaşmaqla heç vaxt nailiyyət əldə etmək olmaz.
Bəzən belə çıxır ki, biz Azərbaycan xalqının yüz illər, əsrlər boyu gəlib çıxdığı iqtisadi, sosial-siyasi uklada hökumətin bir il içərisində öz işi ilə cavab verməsini tələb etməliyik. Bu cür məntiqsiz danışmaq düzgün deyil. Yəni Azərbaycanın iqtisadi təsərrüfat və ictimai-siyasi ukladı 100 illər ərzində formalaşıb. Hökuməti birdən-birə böyük modernist dəyişikliklər yaratmağa və bizim inkişaf tempimizi Avropa ölkələri ilə müqayisə etməyə məcbur etmək artıq idarəçilikdən deyil, ümumiyyətlə, millətin və dünyanın tarixi inkişafından baş çıxarmamaq deməkdir.
Mən son zamanlar mədəniyyət və incəsənət sahəsində görülən böyük işləri qeyd etmək istəyirəm. Azərbaycan ciddi bir mədəniyyət siyasətinə malikdir və bu mədəniyyətin inkişaf siyasəti son illərdə hazırlanıb. Bu siyasətin birinci məsələsi mövcud mədəniyyət və incəsənət potensialını qoruyub saxlamaqdır, ikincisi, onun müasir iqtisadi şəraitdə, modern səviyyədə işləməsini təmin etməkdir, üçüncüsü, istedada qayğı göstərməkdir. Bu işlərin hamısı hökumətin, icra orqanlarının fəaliyyətində nəzərə alınır. Bu gün, həqiqətən, Azərbaycanın iqtisadi təsərrüfat gəlirləri mədəniyyətimizə, incəsənətimizə, təhsilimizə, yəni millətimizin gələcəyinə qoyulur, bu işin mexanizmi artıq var və işləyir. Yəni bu gün Azərbaycanda qazanılan bir manat da boş yerə getmir. Bunu xüsusi olaraq nəzərə almaq lazımdır.
Bəzən təhsilimizlə bağlı çox bədbin fikirlər söylənilir. Guya Azərbaycanda təhsil yoxdur, məktəblər işləmir. Hətta bəzən deyirlər ki, universitetlərimizi bitirənlərdən 1 nəfər də olsun normal müəllim çıxmır. Gəlin, belə məsuliyyətsiz danışmayaq. Bu gün Azərbaycanda 1 nəfər də olsun savadsız müəllim yoxdur. Bu necə fikirdir? Azərbaycanın təhsil sistemi kifayət qədər güclüdür. Sadəcə olaraq, müəyyən ənənələr, iqtisadi problemlər var ki, bunlar da tədricən aradan qaldırılmalıdır. Amma bu şəkildə düşünən, yəni “Azərbaycanda məktəb yoxdur” deyən insanın, həqiqətən, məktəbi də olmaz. Ona görə bu məsələləri nəzərə almaq lazımdır. Təsəvvür edin, son illərdə Təhsil Nazirliyinin xətti ilə onlarca, yüzlərcə yeni proqramlar hazırlamışıq, yeni dərsliklər yazmışıq. Siz elə bilirsiniz ki, millətin tarixini, ədəbiyyatını yazmaq, millətin dili haqqında yazmaq hər hansı bir məsələnin müzakirəsində boğazdan yuxarı sözlər demək qədər asandır? Bu çox çətin bir prosesdir, buna çoxlu maliyyə sərf olunur və bu iş gedir. Bunu xüsusi olaraq nəzərə almaq lazımdır.
Mən, yeri gəlmişkən, burada bir vacib məsələni də qeyd etmək istərdim. Vaxtı ilə Milli Məclisin iclaslarının birində yaradıcı təşkilatlarla, onların maliyyələşdirilməsi ilə bağlı fikir söylənmişdi. Hesabatda bu fikrə münasibət bildirilib. Amma mən çox istərdim ki, hörmətli hökumət üzvləri və bizimlə əlaqədar olan şəxslər bilsinlər ki, yaradıcılıq təşkilatlarını, yəni Yazıçılar İttifaqı, Bəstəkarlar İttifaqı, Teatr Xadimləri İttifaqı və digər ittifaqlarımızı qeyri-hökumət təşkilatları adı ilə vermək və onları bu qrafada nəzərdən keçirmək doğru deyil. Əgər biz onu bu şəkildə təqdim etsək, onlarca, yüzlərcə qeyri-hökumət təşkilatını da bunlarla bir tutsaq, onda onları normal maliyyələşdirə bilməyəcəyik.
Sonra, bəzən burada belə fikirlər söylənilir ki, guya Nazirlər Kabineti, yaxud ayrı-ayrı nazirlər, icra orqanları millət vəkillərinin məktublarına cavab vermirlər, hər hansı məsələ ilə bağlı müraciətlərini cavabsız qoyurlar. Bu yenə də mənim üçün həddindən artıq qeyri-səmimi və qeyri-müəyyən tendensiyalı görünən bir fikirdir. İndiyə qədər elə bir nazirlik olmayıb ki, mən ora müraciət edim, amma cavab almayım. Elə bir nazirlik olmayıb ki, mən ora müraciət edim və müsbət cavab almayım. Yəni elə müraciət etmək lazımdır ki, müsbət də cavab alasan. Adicə bir faktı söyləmək istəyirəm. Vaxtı ilə Ağstafa zonasında partlayış olmuşdu və müəyyən dağıntılar vardı. Mənim müraciətim əsasında hörmətli Baş nazirin özü bilavasitə bu işə kömək etdi.
Sədrlik edən. Sağ olun, Nizami müəllim. Mənə elə gəlir ki, bir-iki çıxışdan sonra hökumət üzvlərindən bəziləri suallara cavab verə bilərlər. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hökumət nümayəndələri, millət vəkilləri və media nümayəndələri! Hökumətin təqdim etdiyi hesabatla bağlı mən də bəzi fikirlərimi sizinlə bölüşmək istəyirəm. Keçən hesabatda biz qeyd etmişdik ki, hökumətin hesabatı sanki ölkədəki hökumətin iqtisadi sahədə fəaliyyətinin hesabatıdır. Bizim millət vəkilləri də öz çıxışlarında daha çox bu sahəyə diqqəti yönəldirlər. Amma mən hesab edirəm, elə hökumətin öz fəaliyyətində də bir çox problemlər ondan yaranır ki, kifayət qədər aşkarlıq olmur və vətəndaş cəmiyyəti ilə bağlı olan müvafiq təsisatlar lazımi səviyyədə işləyə bilmirlər. Bu nöqsanlar özünü göstərir.
Vətəndaşların iqtisadi vəziyyətinin ağırlığı ilə bağlı hökumətin özünün təqdim etdiyi hesabatda da bu, qeyd olunur, əgər bu gün əhalinin 20 faizdən çoxu yoxsulluq vəziyyətində yaşayırsa, bu, əhalinin beşdən biri deməkdir. Hər beş nəfərdən biri yoxsul vəziyyətində yaşayırsa, bunun özü böyük və təəssüf doğurucu bir rəqəmdir. Amma Azərbaycanda hökumət həm də ona görə tənqid olunmalıdır ki, bizdə qeyri-leqal, “kölgə iqtisadiyyatı” deyilən bir iqtisadiyyat var. Hökumət kölgə iqtisadiyyatının leqallaşdırılması istiqamətində lazımi səviyyədə addımlar atmır. Bizdə gəlirlərin ikinci dəfə bölüşdürülməsi mümkündür. Bu həm də bizim mentalitetdən irəli gələn məsələdir. Ailədə bir nəfər daha çox gəlir əldə edir, qardaşına, bacısına, ümumiyyətlə, digər ailə üzvlərinə yaxından kömək edir, gəlirlərini bölüşdürür və bunun da hesabatı getmir. O baxımdan, əhalinin yaşayış səviyyəsi dediyimiz kimi, acınacaqlı vəziyyətdə deyil. Amma 20 faiz olduqca böyük bir rəqəmdir və hökumət yoxsulluğun azaldılması istiqamətində ciddi addımlar atmalıdır.
Çox müsbət haldır ki, bizim keçən hesabat dövründə qaldırdığımız məsələlərin icrası ilə bağlı burada bir xüsusi bölmə verilib. Bunların birində deputatlar məsələ qaldırıblar ki, qeyri-hökumət təşkilatlarının maliyyələşdirilməsi istiqamətində hökumət müəyyən addımlar atsın. Amma hökumətin reaksiyası, cavabı bundan ibarətdir ki, əgər müvafiq qanunvericilik bazası yaradılarsa, hökumət maliyyə ayıra bilər. Mən hökumət üzvlərindən soruşuram, qanunvericilik bazasının yaradılması hökumətə aid olan məsələ deyil? Hökumət niyə belə bir təşəbbüslə, belə bir layihə ilə çıxış etmir ki, biz də qeyri-hökumət sektorunun maliyyələşdirilməsi məsələsini gündəmə gətirək. Vətəndaş cəmiyyəti quruculuğu, qanunun aliliyinin hökm sürdüyü demokratik bir cəmiyyətin qurulması iqtisadi sahədən də vacib olan bir məsələdir. Ona görə hökumət, məncə, bu istiqamətdə ciddi addımlar atmalıdır.
Azərbaycanın bu il əldə etdiyi nailiyyətlərdən biri Bakı–Tbilisi–Kars dəmir yolunun çəkilməsi ilə bağlı əldə olunmuş razılıqdır. Bu, Azərbaycanın ən böyük diplomatik uğurudur. Amma biz gördük, xaricdən maliyyələşən qeyri-hökumət təşkilatları Bakı–Tbilisi–Ceyhan neft kəməri layihəsinin əleyhinə çıxış edirdilər. İndi də bu cür çıxışlar edirlər. Halbuki Azərbaycan 200 milyonu Gürcüstana kredit kimi verməsə də, özü xərcləməli olsa da, biz çalışmalıydıq ki, bu dəmir yolunun çəkilməsinə nail olaq. Məhz dediyim səbəblərdəndir ki, bu cür layihələrin əleyhinə çıxışlar edirlər.
Mənim xarici siyasətlə bağlı toxunmaq istədiyim bir məsələ var. Bu, hesabatda öz əksini tapmayıb. Hökumət Dağlıq Qarabağın azad olunması istiqamətində konkret hansı işləri görür? Ermənistan bilir ki, Kollektiv təhlükəsizlik müqaviləsinin üzvüdür, Rusiya ilə hərbi-siyasi blokdadır. Azərbaycan özünü hansı hərbi blokda görmək istəyir? Axı, biz bilirik ki, torpaqlarımızın azad edilməsi çətin olacaq. Hərdən hökumətin üzvləri də deyirlər ki, lazım gəlsə, biz başqa yolla torpaqlarımızı alacağıq. Azərbaycan Qardaş Türkiyə Respublikası ilə bu yaxınlarda forum da keçirdi. Biz deyirik ki, bir millət, iki dövlətik. Əgər bir millətiksə, niyə qardaş Türkiyənin olduğu hərbi-siyasi blokda özümüzü görməyək? Mən indi hökumət üzvlərindən soruşuram, Azərbaycan NATO-ya üzv olmaq istəyirmi? İstəyirsə, bunu açıqlamağa nə mane olur?
Qonşu Gürcüstan artıq parlamentində belə bir qərar qəbul edib. Amerika Birləşmiş Ştatlarının Nümayəndələr Palatası da qərar qəbul etdi ki, ABŞ Gürcüstanın NATO-ya üzv olmasına dəstək versin. Hökumət Türkiyənin GUAM-a daxil olmasını istəyirmi? İstəyirsə, bu istiqamətdə hansı addımlar atır? Mən istərdim, bu gün bu məsələyə də bir aydınlıq gətirilsin. Türkiyənin GUAM-da olması həm bu təşkilatın nüfuzunun artmasına kömək etmiş olar, həm də Azərbaycanın bu qurumda rolunun artmasına öz müsbət təsirini verər.
Mən bəzi məsələlərə də fikir bildirmək istəyirəm. Ümumiyyətlə, mən hökumətin fəaliyyətini qənaətbəxş saymıram. Amma qeyd etmək lazımdır ki, bu gün səhiyyədə də, nəqliyyatda da, tikinti sektorunda da nizam-intizamın möhkəmləndirilməsi istiqamətində müəyyən işlər görülür. İndi əlavə yeni körpülərin tikilməsi nəzərdə tutulur. Amma şəhərin mərkəzində dayanacaqlar yoxdur. Bütün mədəniyyət obyektləri, ofislər, ticarət mərkəzləri orada yerləşir. İnsanlar avtomobillərini harada saxlasınlar? Heydər Əliyev adına Sarayda bir tədbir keçiriləndə orada hərəkət etmək mümkün deyil. Bu obyektlərin yaxınlığında mütləq müasir tələblərə cavab verən dayanacaqlar tikilməlidir. Bəlkə də yeni 16 körpünün əvəzinə müasir tələblərə cavab verən 12 körpü tikilsin? Bunun əvəzinə şəhərin mərkəzində 4 dənə dayanacaq tikilsin. İstəyirəm ki, bu məsələyə də aydınlıq gətirilsin. Başqa bir məsələ. Bu yaxınlarda hörmətli gənclər və idman naziri ANS telekanalına müsahibə verirdi ki, artıq işin içərisinə girə bilib. Televizorda da baxdım, gənclərlə birgə qaçırdı. Təqdirəlayiq bir haldır. Amma mən istərdim ki, aidiyyəti orqanlar şəhərin mərkəzində, Azadlıq prospektində yerləşən və millət vəkillərinin də hərdən idman etdiyi kompleksə baxsınlar. O kompleks dağılıb gedir. Biz rayonlarda ehtiyac olmadığı halda yeni olimpiya kompleksləri, idman kompleksləri tikirik, amma şəhərin mərkəzində olan idman kompleksi baxımsız və pis vəziyyətdədir. İstərdim, ora diqqət yetirilsin və həmin kompleksin təmiri üçün müvafiq vəsait ayrılsın.
Mən başqa bir məsələyə də diqqət yönəltmək istəyirəm. Bu da ombudsmanın hesabatı ilə bağlı məsələdir. Burada bizim hörmətli nazirlər əyləşiblər. Hər il ombudsman hesabat verir və orada bir çox vəzifəli şəxslər tərəfindən qanun pozuntusuna yol verilməsi ilə bağlı məlumatlar öz əksini tapır. Konkret adlar göstərilməsə də, hər halda ümumi formada bunlar qeyd olunur. Ombudsmanın hesabatında məhkəmələrlə bağlı müəyyən məsələlər öz əksini tapmışdı. Mən indi soruşmaq istəyirəm, ümumiyyətlə, ombudsmanın hesabatı hökumətdə müzakirə olunurmu və müzakirə olunursa, hansı tədbirlər görülür? Bu tədbirlər görülübsə, onlar niyə hesabatda öz əksini tapmır? Biz ölkədə nizam-intizamın artırılmasını istəyiriksə, mütləq bunları həyata keçirməliyik. Hesab edirəm ki, hökumət də bu məsələlərə aydınlıq gətirməlidir ki, niyə o nöqsanlar hər il deyilir, amma yenə də davam edir.
Sonra, burada qeyd olundu ki, guya vətəndaşlar, ayrı-ayrı şirkətlər tərəfindən yeni iş yerlərinin açılmasının hökumətə heç bir aidiyyəti yoxdur. Əslində, nə qədər çox vətəndaş sahibkarlıq fəaliyyəti ilə məşğul ola, özünə kiçik bir poliklinika, səhiyyə obyekti aça, şadlıq evi tikə bilirsə, bu elə hökumətin uğurudur. Hökumət çalışmalıdır ki, insanların iqtisadi azadlıqlarını daha da genişləndirsin, onlar daha çox fərdi əmək fəaliyyəti ilə, sahibkarlıqla, kənd təsərrüfatı ilə məşğul ola bilsinlər. Bunu qeyd etməyi özümə borc bildim. Hökumətin fəaliyyətini isə qeyri-qənaətbəxş sayıram. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Çox sağ olun. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Mən bu gün müzakirəyə təqdim olunmuş Azərbaycan hökumətinin 2006-cı ildəki fəaliyyətinə dair hesabatı bir çox həmkarlarım kimi müsbət hesab edirəm. Düşünürəm ki, bəli, görülən işlər, həyata keçirilən tədbirlər hər bir Azərbaycan vətəndaşının, millət vəkilinin, nazirin – hamımızın iştirakımızla olub və çox məqbul nəticələr verib. Bu nəticələri görmək, hiss etmək, onu söyləməyi bacarmaq lazımdır. Mən düşünmürəm ki, bunu söyləməyənlər onu görmürlər, hiss etmirlər. Sadəcə, bu şəkildə danışmaq onlara sərf etdiyi üçün və öz amplualarından çıxmamaq üçün bu fikirləri səsləndirirlər. Bütün parlamentlərdə, ölkələrdə, cəmiyyətlərdə siyasi maraqlara söykənən tənqidlər olduğu üçün mən də bunu belə hesab edərək ona əhəmiyyət verməyə bilərdim. Amma düşünürəm ki, heç olmasa, bir az ədalət hissini də saxlamaq lazımdır.
Bəli, Azərbaycan elə bir ölkədir ki, adam orada yaşamaq istəyir. Nəinki yaşamaq, həm də işləmək, qurmaq, tikmək, bu ölkəni abadlaşdırmaq və ondan bəhrələnmək istəyir. Azərbaycan o ölkə deyil ki, yaxşı olanda yaşayasan, pis olanda sərhədlərin o üzünə gedəsən. Bəziləri bu cür düşünürlər. Amma biz belə düşünməmişik. Azərbaycanda vəziyyət yaxşı olanda da, pis olanda da birgə işləmişik. Ona görə bu gün nəticələrimiz var.
Mən xarici səfərlərdə Azərbaycanı təmsil edən nümayəndə heyətinin rəhbəri kimi haqqımızda danışılan xoş sözləri eşidəndə Azərbaycana daha tez qayıtmaq istəyirəm ki, gəlib bizim ölkənin dünyada yeri, mövqeyi barədə deyilənləri və bizə bəslənilən münasibəti hamıya çatdırım. Öz içərimizdə isə belə danışılanda məəttəl qalıram. Necə ola bilər ki, insan özü-özünə bu qədər qeyri-obyektiv yanaşsın? Mən bunu yumşaq şəkildə söyləyirəm. Azərbaycan bizimdir, iqtisadiyyatı da bizimdir, kənd təsərrüfatı da. Gəlin, yaxşıya yaxşı deməyi bacaraq, pisinin də səbəblərini araşdıraq.
Bəli, Valeh müəllim düzgün dedi, hər bir işin səbəbini, mənbəyini, obyektini axtarmaq, konkret fikir söyləmək lazımdır. İldən-ilə hökumətin işində çox böyük uğurlar əldə olunmaqdadır və görülən işlərin, əldə olunan nəticələrin tərtib olunmasında və Milli Məclisə təqdim olunmasında böyük irəliləyişlər var. Əvvəllər yadınızdadırsa, çox iri həcmdə çap olunmuş vərəqlərdəki hesabatları oxuya da bilmirdik və ona köməkçi vasitələr az idi. Amma getdikcə bu iş təkmilləşir və millət vəkillərinin qaldırdığı məsələlərə diqqətin hesabatdan-hesabata artdığının şahidi oluruq. Bu gün hesabatın strukturunun dəyişməsinin şahidi olmuşuq. Bəli, bu gün hesabat təkcə iqtisadi nəticələrə görə tərtib olunmayıb, həyatın bütün sahələrini də əks etdirir və burada əlavə bölmələr yaradılıb. Bütün bunların hamısı millət vəkillərinin təklifi ilə olub və hökumətin parlamentlə, Milli Məclislə əməkdaşlığının nəticəsi kimi qəbul olunmalıdır. Mən hesabatın strukturunda yeni bölmələrin meydana gəlməsini – sosial sahəyə, mədəniyyətə, idmana, hüquq mühafizə orqanlarının işinə dair bölmələrin olmasını təqdir edirəm. Ərizə və şikayətlərə baxılması ilə bağlı bölmə xüsusilə əhəmiyyətlidir. Burada göstərilir ki, il ərzində 120 min ərizə və şikayət qəbul olunmuş, hökumət strukturlarında 60 mindən yuxarı vətəndaş qəbul edilmişdir. Bütün bunlar bu qədər sayda şikayətə, problemə diqqət deməkdir. Bu şikayətlərin, ərizələrin bir çoxuna müsbət baxılıb, vətəndaşların bir çox problemləri həll olunub.
Azərbaycan hökumətinin atdığı ardıcıl addımlar, İlham Əliyev tərəfindən həyata keçirilən tədbirlər xüsusi proqramlara, planlara əsaslanır. Burada söylənildiyi kimi, bu, rəqəmlər yığınağı deyil, konkret proqramlara, proqnozlaşdırılmış məqsədlərə yönəlmiş fəaliyyətin konkret nəticələridir. Rəqəmlərdə əks olunan nəticələri biz görürük. Bunlar quru, cansıxıcı rəqəmlər deyil, onların arxasında çox gərgin zəhmət və əmək durur və bu zəhməti çəkənlərin qiymətini verməyi bacarmaq lazımdır. Hər bir çıxışda mövqe bildirəndə siyasi maraq güdmək lazım deyil.
Bu gün Azərbaycan hökumətindən istefa tələb edirlər. İlham Əliyevin rəhbərlik etdiyi hökumət sizin üçün AXC-Müsavat cütlüyünün hakimiyyəti deyil ki, ondan istefa tələb edəsiniz. Azərbaycan hökuməti, İlham Əliyevin hökuməti, yeni Azərbaycan iqtidarı çox böyük və möhkəm dayaqlar üzərində durur və Azərbaycan xalqının mütləq əksəriyyətinin etimadını qazanıb, onun istək və arzularını yerinə yetirir, bu gün onun problemlərini həll edir və ondan da etimad alır. Etimad limiti də getdikcə artır. Bu gün heç bir sosial bazaya malik olmayan, fəaliyyət forması yalnız bazar günü 300 nəfərdən ibarət mitinq keçirməyə cəhddən ibarət olan partiyanın nümayəndələrinin burada istefa tələb etməsi onların seçilmək, fərqlənmək üçün göstərdiyi cəhddən başqa bir şey deyildir. Ona görə də mən düşünürəm ki, tənqiddə bir az obyektiv olmalıyıq.
Bu gün Azərbaycanı aparıb hansı ölkələrlə yanaşı qoyurlar? Qonşu ölkələrdən daim sitat gətirilir. Elə adını çəkdiyiniz qonşu ölkələr - Ermənistan və Gürcüstan Azərbaycanın bütün uğurlarının özünün uğurları olmasını istəyir, bizə həsəd aparır. Siz gedirsiniz, haradansa, hansı kitabınsa səhifəsinin küncündən bir rəqəm tapırsınız və deyirsiniz ki, Ermənistan da, Gürcüstan da bizdən irəlidədir. Bu, vətənpərvərlik duyğusundanmı, yoxsa Ermənistan həqiqətlərini daha yaxşı bilməkdənmi irəli gəlir? Yaxud Ermənistan həqiqətlərinin Azərbaycan həqiqətlərinə nisbətən daha yaxşı eşidilən olması sizə sərf edir? Ona görə də hesab edirəm ki, istənilən siyasi marağa söykənən fikirlər söyləyərkən vətənpərvərlik hissini yaddan çıxarmaq olmaz. Bu yaxınlarda Azərbaycanda YUNİSEF-in Şərqi Avropa ölkələri üzrə koordinatoru Mariya Kalivislə görüşdüm. O xanım Azərbaycanda birinci dəfə olmasına baxmayaraq, Azərbaycanın uğurlarını görür, hiss edir və fərəhlənir ki, dünya ölkələri sırasında Azərbaycan kimi bir dövlət var və o getdikcə möhkəmlənməkdədir. O, eyni zamanda, Azərbaycanı dünya ölkələrinə nümunə göstərir. Həm qanunvericilikdə, həm icra orqanlarının fəaliyyətində, həm də qeyri-hökumət təşkilatları ilə dövlətin əlaqələrinin təkmilləşməsində, siyasi partiyaların fəaliyyətində baş verənlər və sizin rəqəmlər gətirdiyiniz hesabatlar və digər başqa hesabatlar onlara təqdim olunur və onlar bunları oxuyurlar. Uşaq hüquqlarının, xüsusilə körpə, erkən yaşlı uşaqların sağlamlığının qorunması istiqamətində atılan addımları, Milli Məclisin qəbul etdiyi qanunları, icra orqanlarının həyata keçirdiyi proqramları, cənab Prezidentin fərman və sərəncamlarında nəzərdə tutulan məqsədləri oxuyurlar, öyrənirlər. Təkcə bizim Milli Məclisin ötən il qəbul etdiyi iki qanun Birləşmiş Millətlər Təşkilatında model qanun kimi təqdim olunub. Onlardan biri “Duzun yodlaşdırılması” haqqında Qanundur. O bunu ilk görüşdəcə söylədi. Necə olur ki, onlar bunu görürlər, hiss edirlər, söyləyirlər, amma bizim söyləmək istəyimiz yoxdur. Bu nədəndir?
Qaçqın və köçkünlərlə bağlı bu xanımın söylədiyi fikirlər də maraqlı idi. Dünyada qaçqını, köçkünü olan ölkə təkcə Azərbaycan deyil. Dünyada problemi olan ölkə də təkcə biz deyilik. Amma baxır, hər ölkə bu problemə necə yanaşır və necə həll edir. Mən qaçqın, köçkün rayonunu təmsil edirəm. Mən də burada Füzuli rayonunun 22 kəndinin və ona qonşu olan digər rayonların problemlərini sadalaya bilərdim. Amma onları sadalamağa ehtiyac yoxdur, çünki biz onları bilirik və bu bizim gündəlik həyatımızdır. Bəli, biz əsas olana, bütün bu problemlərin aradan qaldırılmasına, açar olan məqamlara diqqət yetirməliyik. Köçkünlər qəbulumuza gəlib şikayətlənirlər, məktublarında yazırlar. Biz də onun xoşuna gəlsin, “mənim seçdiyim millət vəkili mənim problemimi orada səsləndirdi” – deyə onları burada səsləndirməliyikmi? Bəzən bəziləri burada onun əsirinə çevrilir və deyirlər ki, məndən xahiş edirlər ki, bu fikri orada səsləndirin. Yaxşı, siz kiminsə sifarişini yerinə yetirirsiniz, yoxsa dövlətin, ölkənin ictimai-siyasi həyatında iştirak edirsiniz? Əlbəttə, mən bunu hamıya aid etmirəm, kim bu mövqedən çıxış edir, ona söyləyirəm. Millət vəkilinin fəaliyyət çərçivəsi bununla məhdudlaşmır, çox geniş bir dairəni əhatə edir.
Bəli, biz makroiqtisadi göstəriciləri burada səsləndirəndə bəzilərinin xoşuna gəlmir ki, bu göstəricilərin əhalinin həyat səviyyəsinə nə aidiyyəti var? Çox böyük aidiyyəti var. Kimsə bunun əlaqəsini görmürsə, deməli, onun, ümumiyyətlə, iqtisadiyyatdan başı çıxmır. Mən hesab edirəm ki, heç bir arqumentə söykənməyən bu cür populist fikirləri burada səsləndirmək və yaxud da rəqəmləri şübhə altına almaq lazım deyil. Mən əminəm ki, hökumətin müvafiq qurumlarının rəhbərləri bu rəqəmləri müqayisə edənlərə yanlışlıqlarını və harada səhv etdiklərini anladacaqlar. Görüm, onda onlar özlərini necə hiss edəcəklər?
Qaçqın və köçkünlərlə bağlı həmin xanım mənə söylədi ki, bu gün bu problemlə üzləşən heç bir ölkədə Azərbaycan hökuməti qədər səmərəli və faydalı iş quranı yoxdur. Bu gün kənardan bütün yardımlar dayandığı bir şəraitdə qaçqın, köçkünlərin problemlərini öz gücümüzlə həll etməyimiz çox böyük diqqət tələb eləyir. Biz bunu etmişik və bu, dünyaya bir nümunədir. Elə bu yaxınlarda ölkə Prezidentinin bir qrup müəllimin, həkimin, mədəniyyət xadiminin, günahları olmadan iş yerindən məhrum olmuş şəxslərin əmək haqlarının ödənilməsinin iyun ayının 30-na qədər davam etdirilməsi barədə sərəncamı oldu. Cənab Prezidentə, hökumətə çox təşəkkür edirəm ki, bu addım atıldı, çünki bu insanlar bizə də müraciət etmişdilər. Mən cənab Sədrin tapşırığı ilə o insanların bir qrupunu qəbul etmişdim və hökumətə müraciət olunmuşdu. Hökumətin müvafiq qurumları bu istiqamətdə lazımi addımları atdılar. Bu da Azərbaycan hökumətinin öz vətəndaşlarına diqqəti, qayğısı, hörmətidir.
Ona görə də Azərbaycanı acından ölən, acınacaqlı bir durumda olan, ona-buna əl açmağa hazır olan və bundan da xəcalət çəkən bir ölkə kimi qələmə verməyin. Azərbaycan xalqı çox qürurlu xalqdır. Baxmayaraq ki, qarşısında bu boyda problem var, o problemləri həll etməyə qadirdir və onu ardıcıl şəkildə edir. Siz də bizimlə birlikdə bu ölkədə yaşayırsınız, işləyirsiniz, bundan bəhrələnirsiniz. Çox üzr istəyirəm, heç olmasa, bəhrələndiyiniz yerlərin ağzını qapamayın. Yenə də qeyd edirəm, Azərbaycan iqtidarı, Azərbaycan hakimiyyəti İlham Əliyevin rəhbərlik elədiyi hakimiyyətdir. Onu istefaya çağırmaq yox, onun tərtib və təqdim etdiyi hesabatı qəbul etmək, ona müsbət səs vermək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Yaqub Mahmudov.
Y. Mahmudov. Sağ olun. Hörmətli Sədr, hörmətli Baş nazir, hökumət üzvləri, hörmətli deputat həmkarlarım, mətbuat nümayəndələri! Mən hər şeydən əvvəl salona müraciət edərək bildirmək istərdim ki, siyasi mənsubiyyətindən asılı olmayaraq hər kəs təqdim olunan hesabatı mənsub olduğu Azərbaycan Respublikası hökumətinin hesabatı kimi qəbul etməlidir. Bizim hamımız bu ölkənin vətəndaşıyıq və hər birimizin borcudur unutmayaq ki, biz bir milyon qaçqını olan ölkənin hesabatını dinləyirik. Hər 8 nəfərdən birinin qaçqın olduğu ölkənin hesabatını dinləyirik və qaçqınların sayı dünyanın heç bir ölkəsində Azərbaycandakı qədər kütləvilik təşkil eləmir.
Müvəqqəti olaraq 20 faiz ərazisini itirmiş ölkənin hökumətinin hesabatını dinləyirik və məcburiyyət qarşısında biz vəsaitimizin xeyli hissəsini hərbi xərclərə, ölkəmizin sərhədlərinin müdafiəsinə və mühafizəsinə ayırırıq. Yəni bizim hökumətimiz belə bir şəraitdə fəaliyyət göstərib və buna görə də hökumətin fəaliyyətinə qiymət verərkən bu amillər hökmən nəzərə alınmalıdır. Mən qürur hissi keçirirəm ki, bu şəraitdə işləyən hökumətin ümumi daxili məhsulunun artım sürəti 34,5 faizdir. Bunu təkcə biz demirik, bu, dünya miqyasında deyilir. Azərbaycana gələn və bəzən bizi istəməyən qonaqlarımız da bu rəqəmi qəbul eləməyə məcburdurlar.
Mən buradan ötən ildə də regionların inkişafı ilə əlaqədar çox mühüm addımlar atıldığı üçün cənab Prezidentə və hökumətimizə seçicilərim adından dərin təşəkkürümü bildirmək istəyirəm. Bir ziyalı olaraq mən o fikirdəyəm ki, əgər bizim dövlətimiz, hökumətimiz ümummilli liderimiz Heydər Əliyevin xəttini yeridərək regionların inkişafı haqqında bu cür ciddi addımlar atmasaydı, biz çox ağır demoqrafik partlayış qarşısında qala bilərdik. Kəndlərimiz boşala bilərdi, şəhərə və ölkəmizin sərhədlərindən kənara axın arta bilərdi. Regionlardakı bugünkü inkişafı görməmək, sözün əsl mənasında, Azərbaycanın addımlarını, inkişafını görməmək deməkdir. Buna görə də mən bu siyasəti alqışlayıram və hökumətin bu sahədəki uğurlarını bəyəndiyimi açıq-aşkar bildirmək istəyirəm.
Mən seçicilərim adından Azərbaycan Respublikasının Prezidentinə, hökumətə dərin minnətdarlığımı bildirmək istəyirəm ki, çox ağır şəraitə və bizə qarşı yönələn təzyiqlərə baxmayaraq, ölkəmizin enerji təhlükəsizliyini təmin eləməkdən ötrü çox qəti, sərt, birmənalı və hamımızın ürəyindən olan addımlar atıldı. Təzyiqə biz qətiyyətlə cavab verdik və mən Azərbaycan Prezidentinin, hökumətinin bu siyasətini səmimi qəlbdən, ürəkdən alqışlayıram və seçicilərimin adından razılığımı bəyan eləmək istəyirəm.
Mən razılığımı bildirmək istəyirəm ki, Prezidentimiz başda olmaqla Azərbaycan hökuməti Dağlıq Qarabağ məsələsi ilə əlaqədar həm xaricdə, həm də ölkə daxilində, o cümlədən çox mühüm beynəlxalq görüşlərdə birmənalı, qətiyyətli mövqeyini bildirir. Azərbaycan Prezidenti öz çıxışlarında, bəyanatlarında bildirmişdir ki, son vaxtlar işğal edilmiş Dağlıq Qarabağ və onun ətrafındakı rayonlar bir yana, bu gün Ermənistan Respublikasının özü də Azərbaycanın əzəli torpaqlarında keçmiş İrəvan xanlığının ərazisində yerləşir, ona görə də Ermənistanın gələcək mövcudluğu qeyri-müəyyən olacaqdır. Bu, Azərbaycan hökumətinin, bizim ölkəmizin, ölkə başçısının fəaliyyətinin çox prinsipial cəhətidir və bu gün hökumət hesabat verərkən mən xalqımızın, seçicilərimizin bunu bəyəndiyini bildirmək istəyirəm.
Prezidentə, hökumətə təşəkkürümü bildirmək istəyirəm ki, Azərbaycanın əsas hissəsindən ayrı düşüb, çox ağır blokada şəraitində olan Naxçıvana diqqət artırılır və Naxçıvan mərkəzdən lazımınca müdafiə olunur. Bu bizim hökumətin həyata keçirdiyi uğurlu işlərdən biridir. Məndən əvvəl çıxış edənlərin belə bir fikrini alqışlayıram ki, biz bəzi sahələrdəki uğurları danmamalıyıq, bununla qürur hissi keçirməliyik. Bizim ədliyyə, hüquq sistemi getdikcə təkmilləşir, dünyanın hər yerində qəbul olunur.
Mən nəqliyyat sektorundakı uğurları xüsusi qeyd eləmək istəyirəm. Bunu görmək lazımdır. Əgər Xınalığa, dağın başına yüz illərlə nəqliyyat görməyən yerə yol çəkilirsə, Lerikə yol, qaz xətti çəkilirsə, bunlar çox böyük uğurdur. Bu, Azərbaycanı biri-birinə bağlamaq deməkdir. Bu uğuru görmək lazımdır.
Azərbaycanın təhsil sistemindəki uğurları, tikilən yeni məktəbləri, çox arzu edərdim ki, hamı görsün. Nizami müəllim dedi, o sahələrdən birinə də – tarix sahəsinə mən cavabdehəm. Bütün dərsliklər şagirdlərə pulsuz verilib, geniş islahatlar həyata keçirilib, təzə tarix konsepsiyası yaradılıb. Yəni bunların hamısını görmək lazımdır. Bu sahədə ciddi nöqsanlar olduğunu, yalandan bunun hamısını camaata bəyan eləməyin mənasız olduğunu çox açıq-aşkar bildirmək istəyirəm. Axı, burada əmək sərf olunub, iş görülüb. Mən Mehriban xanım Əliyevaya camaatımızın alqışını yetirmək istəyirəm. Gecə-gündüz YUNESKO-nun xətti ilə bizim milli-mənəvi dirçəlişimiz uğrunda mübarizə aparır və nə qədər təzə məktəblər tikilib. Ölkəmizin ayrı-ayrı regionlarında bunu görəndə insanda qürur hissi əmələ gəlir.
Su təchizatını qeyd eləmək istəyirəm. Bu sahələrin hamısında ciddi uğurlarımız var. Buna görə də, fikrimcə, hökumətin fəaliyyəti qənaətbəxşdir. Hesabatın bir müsbət cəhətini də qeyd eləmək istəyirəm. Büdcə və hesabat bizə qabaqcadan təqdim olunur, bizim təkliflərimizin bir çoxu nəzərə alınır. Bizə burada şərait yaradılıb ki, lazımınca obyektiv çıxış eləyə bilək.
Əlbəttə, hökumətin fəaliyyətindəki bu müsbət tendensiyaların hamısını qeyd eləməklə yanaşı, bizim arzularımız da ola bilər. Mənim də arzularım var və onların bəzilərini bildirmək istəyirəm. İnformasiya müharibəsi aparırıq. Cənab Prezident də bütün çıxışlarında deyir ki, erməniləri informasiya müharibəsində darmadağın eləmək lazımdır. Mən hökuməti çağırıram ki, qarşıdakı hesabat ilində bunu nəzərə alsınlar. İnformasiya müharibəsi, elmi biliklərin genişlənməsi üçün xərc qoymaq lazımdır. Bizim instituta ayrılan vəsaitlə biz ancaq bir dənə kitab buraxırıq. Bir dəfə demişəm, bir də təkrar edirəm, bu vəsaitlə informasiya müharibəsində qalib gəlmək olmaz. Xahiş edirəm, bunu gələcəkdə nəzərə alasınız.
Milli Elmlər Akademiyası ilə əlaqədar burada fikirlər deyildi. Mən bunu demişəm, yenə demək istəyirəm ki, alimə münasibət dəyişməlidir. Alimə münasibət dəyişəndə bizi gələcəkdə Yaponiyanın, Amerika Birləşmiş Ştatlarının, Almaniyanın inkişafı gözləyir. Bu münasibətlə o inkişafı, o gələcəyi görmək mümkün deyil. Ona görə də elmə olan münasibət dəyişməlidir.
Mən istəyirəm ciddi bir məsələni hökumətin diqqətinə çatdırım. Bizim milli-mənəvi sərvətlərimizə hücumların artdığı şəraitdə taktikamızda müəyyən dəyişikliklər olmalıdır. Çox təəssüf ki, xaricdən qidalanan qeyri-hökumət təşkilatları və bəzi səfirliklər Azərbaycanın regionlarında çox ciddi pozuculuq işləri aparırlar. Qeyri-standart dini təriqətlər yayılır. Azərbaycanı təzədən xristian ölkəsinə çevirmək meylləri var. Abidələrimiz təmir olunarkən təhrif olunur və Azərbaycanın tarixinə zərbə vurulur. Mən arzu edərdim ki, bizim təhlükəsizlik orqanları öz uğurlu fəaliyyətlərini bir az da ciddiləşdirsinlər. Bu sahəyə ciddi əhəmiyyət vermək lazımdır, çünki bu, bizi gələcəkdə ağır problemlər qarşısında qoya bilər.
Mən şimal-qərb regionundan, Şəki bölgəsindən millət vəkili olduğum üçün burada gedən bütün işlərə bələdəm. Balakəndə və Zaqatalada baş verənlərdən xəbərdaram. Bu yerlərdə hətta bizimlə müttəfiq olan dövlətlər də ciddi işlər aparırlar. Bu məsələyə diqqəti artırmalıyıq. Xaricdə yaşayan soydaşlarımızla əlaqədar burada forum keçirildi, Prezidentin parlaq çıxışı oldu. Hökumət Gürcüstanda yaşayan soydaşlarımızın ağır şəraitini diqqət mərkəzində saxlamalıdır, çünki onlar deportasiya vəziyyətinə gətirilib çatdırılıblar. Onlara bir faiz belə torpaq verilməyib. Biz isə ölkəmizdə qeyri-millətlərin nümayəndələrinə lazımı şəraiti yaratmışıq və bu bizim tolerantlığa sədaqətimizdir. Arzu edərdim ki, hökumət gələcəkdə bu məsələyə diqqəti artırsın.
Nəhayət, mən seçicilərimin bir arzusunu burada bir də səsləndirmək istəyirəm. Hökumətə, Baş nazirə müraciət eləmək istəyirəm. Azərbaycanın şimal-qərb regionunda zərərli təsirləri aradan qaldırmaqdan ötrü oradakı geniş imkanları nəzərə alıb Şəkidə Azərbaycanın bir dövlət universiteti yaradılmalıdır. Buna imkanlar var. O universitet ona görə yaradılmalıdır ki, regionun əhalisi orada təhsil ala bilsin. Mahaçkalada, başqa ölkələrdə əleyhimizə tərbiyələndirilib göndərilməsinlər. Buna çox böyük ehtiyac var. Belə olarsa, biz orada çox böyük problemləri həll eləmiş olarıq. Mən sonda hökumətin hesabatını qənaətbəxş hesab eləyirəm və deputat həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Sağ olun.
Sədrlik edən. Sağ olun. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş nazir, hörmətli hökumət üzvləri! Mən Milli Məclisə təqdim olunmuş hesabatı qənaətbəxş hesab edirəm və millət vəkillərini bu hesabata səs verməyə çağırıram. 2006-cı ildə görülən başqa işləri demirəm, bircə Avropanın ən böyük layihəsi olan Bakı-Tbilisi-Ceyhan ixrac neft kəmərinin işə düşməsi ortaya qoyulsa, qalan şeylərə ehtiyac yoxdur. Bunun özü Azərbaycanın həm təhlükəsizliyi, həm siyasi fəaliyyəti, həm də iqtisadiyyatı baxımından kifayət eləyərdi. Qalan işləri kənara qoyuram. Məhz bu baxımdan Prezidentin rəhbərliyi ilə hökumətin 2006-cı ildə apardığı iş çox uğurlu olub. Hesab edirəm ki, 2007-ci ildə də bu proses davam edəcəkdir.
Mən çıxışımı bir az başqa istiqamətdə qurmaq istərdim. Burada hökumətin əleyhinə fikirlər səsləndi. Acınacaqlı hal ondan ibarətdir ki, bu və ya digər şəkildə, gizli, aşkar və ya dolayısı ilə hökumətin bəzi üzvlərindən bəhrələnən adamlar bu gün hökumətin istefasını tələb edirlər. Bu adamları indi burada ifşa etmək istəmirəm, amma bildirirəm ki, bizə hər şey məlumdur. Hər bir insan hökumətin gördüyü işi, apardığı siyasəti qiymətləndirməlidir. Mayası rüşvətlə, korrupsiya ilə yoğrulan adamlar korrupsiyadan, rüşvətdən danışır və hökuməti ittiham edir. Guya ki, gömrük, vergi və başqa-başqa orqanlardakı rüşvət və korrupsiyadan danışırlar. Halbuki büdcənin əsas hissəsini və onun aldığı əmək haqqını məhz həmin orqanlar formalaşdırır. Burada iş yerləri ilə bağlı çox danışıldı. Mənim Cəmil müəllimə böyük hörmətim var. Cəmil müəllim qeyd eləyir ki, cəmi 100 min iş yeri açılıb. Cəmil müəllim, Sizin hüquqlarını müdafiə elədiyiniz Fərhad Əliyev cinayətlər törətməmişdən əvvəl, yəni həbs olunmamışdan qabaq elan eləyirdi ki, Azərbaycanda 250 min iş yeri açılıbdır. Bəs onda niyə demirdiniz ki, 250 min deyil, 50 mindir. Bu gün də hüququnu müdafiə edirsiniz, o adam bu fikri söyləyirdi. Yaxud da söyləyirlər ki, tutalım ki, şadlıq evi və ya digər bir müəssisə açılıbsa, bunun hökumətə dəxli yoxdur. Bu, Azərbaycan hökumətinin sahibkarlığa göstərdiyi dəstəkdir, diqqətdir, qayğıdır. Bunlar Marsda açılmır ki, Azərbaycanın ərazisində açılır. Burada çalışan Azərbaycan vətəndaşıdır. Burada əmək haqqı alan azərbaycanlıdır. Bunu bura salmayaq? Gedib Gürcüstanda işləyənlərin siyahısını tutmalıyıq ki, nə qədər gürcü işləyir?
Mən keçən dəfə burada bir fikir söyləmişdim, indi də həmin fikri təkrarlayıram. Prezident İlham Əliyevin təkcə iş yerləri üçün kəsdiyi qırmızı lentləri toplasan, müxalifət liderlərinin və onların təmsilçiləri olan deputatların hərəsinə bir kostyum tikmək olar. Əgər kimsə bunu görmürsə, ya gözü yaxşı görmür, ya da görmək istəmir. Mən hesab edirəm ki, bunu görmək, qiymətləndirmək lazımdır. Çünki həmin insanlar da Azərbaycanın ərazisində yaşayır, Azərbaycanda fəaliyyət göstərirlər. Azərbaycanın inkişafı təkcə bizim tərəfimizdən yox, bütün beynəlxalq təşkilatlar, ayrı-ayrı dövlətlər tərəfindən qeyd olunur.
Neçə-neçə məktəblər, xəstəxanalar tikilib, körpülər, yollar salınıbdır. Bu iş indi də gedir. Bu bir günün məsələsi deyil, ardıcıl şəkildə olacaqdır. Mən deputat həmkarlarımdan üzr istəyirəm, seçkilər dövründə seçilməkdən ötrü özündən asılı olmayan vədləri veriblər, bu gün də hökumətin yaxasından yapışırlar ki, get, bunları elə. Axı, hökumətin planı var. Valeh müəllim qeyd elədi, büdcə bunu imkan verirmi? 70 ildə yığılan problemi bir gündə, bir ilin ərzində həll eləyək? Təbii ki, Azərbaycanın apardığı iqtisadi islahatlar, neft strategiyası və digər fəaliyyət nəticəsində Azərbaycana kifayət qədər vəsaitlər daxil olubdur və bizim kifayət qədər ehtiyatımız var. Amma bu o demək deyil ki, bir günün içində bunların hamısını xərcləməliyik, dağıtmalıyıq. Ona görə də hökumətin apardığı siyasət düzgündür və hesab edirəm ki, hökumət gələcək fəaliyyətində də bu məsələləri daha ciddi şəkildə həyata keçirəcəkdir.
Burada ümumi daxili məhsulla bağlı ABƏŞ-in fəaliyyəti qeyd olundu. ABƏŞ bu nefti Azərbaycanda çıxarır da, Ərdəbildə çıxarmır ki. Bu, Azərbaycanın ümumi daxili məhsuludur, Rusiyanın deyil ki. Ona görə də hesab edirəm ki, bu cür məsələlərə diqqətlə yanaşmaq lazımdır.
Hesabatda göstərilən rəqəmlər də reallıqdır, həqiqətdir. Bizim hər birimiz bununla rastlaşırıq. Hər bir millət vəkili ərazisində aparılan abadlıq işlərinin şahididir. Orada tikilən müəssisələrin açılışında da birbaşa iştirak eləyir. Bu hesabatı oxumadan da biz bilirik ki, bu gün Azərbaycanın hansı ərazisində işlər görülüb və gələcəkdə bu işlər necə aparılacaqdır. Hesab edirəm, Milli Məclis bu gün hökuməti dəstəkləməli və onun fəaliyyətini qənaətbəxş hesab etməlidir ki, hökumətimiz gələcəkdə də bu cür fəaliyyəti davam elətdirsin. Prezidentimizin regionların kənd təsərrüfatının və digər ayrı-ayrı sahələrin inkişafı ilə bağlı həyata keçirdiyi siyasəti dəstəkləməliyik. İndi kimsə işləmək istəmirsə, öz torpağında müəyyən məhsulları əkmirsə, hökumət gedib onun əvəzinə yer belləməyəcək ki. Şərait var, güzəştli yanacaq, gübrələr verilir, aqrolizinq yaradılıbdır. Hər bir şərait var, sadəcə olaraq, işləmək lazımdır.
Deyirlər ki, Azərbaycanda əhalinin 50 faizi işsizdir və sairə. Azərbaycan əhalisinin elə 40 faizi uşaqdır. Uşaq işləmir, aydın məsələdir. Qalır 10 faizi. Hökumətin hesabatında da göstərilir ki, 20 faiz işsizlik və kasıblıq həddi var. Pensiyaların, əmək haqlarının artması hamının gözü qarşısında olan prosesdir. 2003-cü illə 2006-cı ildə büdcədə olan fərqi təsəvvür edin. Büdcənin 100 faizdən artıq inkişafı var. Azərbaycanın büdcəsi 2 milyarddan 6 milyarda qalxıbdır və bu, görülən işin nəticəsidir. Azərbaycanın ərazisinə dolları havadan tökmürlər ki. Ona görə də hər bir şəxs danışanda ədalətli danışmalıdır. Ola bilər ki, çatışmayan cəhətlər, müəyyən nöqsanlar var. Amma bunu da obyektiv şəkildə qeyd eləmək olar. Bir çox deputatlar dedilər ki, onların müraciətlərinə cavab verilmir və sairə. Nizami Cəfərov dedi ki, belə deyil. Xahiş edirəm, Nizami müəllimdən o üsulu, vasitəni öyrənsinlər, müraciətlərinə cavab alsınlar. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, 25 nəfər çıxış edib, siyahıda da 45 nəfər yazılıb. Əhəd Abıyevə də söz verək, ondan sonra hökumətin üzvləri verilən sualları cavablandırsınlar.
Ə. Abıyev. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım və hökumət üzvləri! Doğma Azərbaycanımızı qüdrətli və zəngin dövlətə çevirən möhtərəm Prezidentimiz İlham Əliyev başda olmaqla müstəqil dövlətçiliyimizin möhkəmlənməsi, xalqın xoşbəxt sabahı, Azərbaycanın parlaq qələbəsi naminə sizlərə siyasi və iqtisadi fəaliyyətinizdə yeni-yeni uğurlar arzu edirəm və Novruz bayramınız mübarək olsun deyirəm.
Bu gün Nazirlər Kabinetinin hesabatını dinləyirik. Azərbaycanın dinamik inkişafı ilə bağlı ölkəmizə regionda, həm də dünyada maraq və diqqət gündən-günə artmaqdadır. Birmənalı olaraq demək istəyirəm ki, bu dinamik inkişaf müstəqil dövlətin banisi, Azərbaycan dövlətinin memarı ulu öndər Heydər Əliyevin yaratdığı baza əsasında onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkədə sosial-iqtisadi islahatları uğurla həyata keçirməsi nəticəsində mümkün olmuşdur. Belə ki, ölkədə sosial-iqtisadi sahədə əldə olunmuş nailiyyətlər, islahatların dərinləşməsi, ictimai-siyasi, makroiqtisadi sabitlik, iqtisadiyyatın və əhalinin həyat səviyyəsinin artımı Azərbaycanın regionda lider dövlətə, güc mərkəzinə çevrilməsi və dünya iqtisadiyyatı sistemində layiqli yerini tutması ilə xarakterizə olunur.
Hesabatla tanışlıq göstərir ki, 2006-cı ildə Azərbaycanın sosial-iqtisadi inkişafının misli görünməmiş yüksəlişi təmin olunmuşdur. 2006-cı ildə ümumi daxili məhsulun real artımı 34,5 faizə, 17,2 milyard manata çatmışdır. Hesabat ilində diqqəti cəlb edən digər məqam Azərbaycanın xarici ölkələrlə ticarət əlaqələri ilə bağlıdır ki, burada da ciddi uğurlar əldə olunmuşdur.
Xalqın sosial vəziyyətinin daim yaxşılaşdırılması, cənab Prezidentimizin daxili siyasətinin əsas istiqamətlərindən biri olması təkzibolunmaz faktdır. Təhsil, sosial təminat və mədəniyyət sahəsində çalışan işçilərin əmək haqları 2006-cı ilin oktyabr və dekabr aylarında orta hesabla 25 faiz artırılıb. Məlumdur ki, cənab Prezident ölkədə yoxsulluğun azaldılması və yeni iş yerlərinin açılmasını daim diqqətdə saxlayır. Hesabat ilində yoxsulluğun azaldılması proqramı üzrə tədbirlərin həyata keçirilməsi nəticəsində yoxsulluğun səviyyəsi 49 faizdən 29 faizədək azalmışdır. 2006-cı ildə təkcə dövlət büdcəsinin vəsaiti hesabına maliyyələşən təhsil, elm, səhiyyə, mədəniyyət, kənd təsərrüfatı sahələrində 544 ştat vahidi üzrə yeni iş yerlərinin açılmasına nail olunmuşdur. 27 rayon və şəhərin sosial-iqtisadi inkişafının sürətlənməsinə dair əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamından irəli gələn maliyyə məsələləri öz həllini tapmışdır.
Regionların sosial-iqtisadi inkişafı istiqamətində fəal iqtisadi siyasət nəticəsində sahibkarların regional strukturunda əhəmiyyətli müsbət dəyişikliklər müşahidə edilməkdədir. Bu proseslər Masallı rayonundan da yan keçməmişdir, dövlət proqramının icrası ilə bağlı bir sıra nəzərəçarpan tədbirlər həyata keçirilmişdir. Bu günlərdə Masallı rayonunda Olimpiya kompleksi istifadəyə veriləcəkdir. Bu, 2007-ci ildə möhtərəm Prezidentimizin Masallı əhalisinə böyük bayram töhfəsi olacaqdır.
Ötən il avtomobil yolları və yolların inşası ilə bağlı həyata keçirilmiş ən mühüm tədbirlərdən biri 53 kilometr uzunluğunda Masallı avtomobil yolunun yüksək səviyyədə qurularaq istifadəyə verilməsidir. Bu bir həqiqətdir ki, Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının uğurla həyata keçirilməsi üçün yerlərdə icra strukturlarının işinin düzgün qurulması çox böyük əhəmiyyətə malikdir.
Bölgələrə tez-tez səfərlər edən Azərbaycan Prezidenti cənab İlham Əliyev bu məsələyə xüsusi diqqət yetirir. Bu sahədə meydana çıxan problemlərin operativ həlli üçün tövsiyə çərçivəsində Masallı rayonunda bir neçə yerli məktəb inşa edilib, digərləri isə əsaslı təmir edilərək istifadəyə verilməkdədir. Bununla yanaşı, qeyd edim ki, Masallı şəhər 3 saylı orta məktəb təhsil üçün tam yararsız, sıradan çıxmış vəziyyətdədir. Dam örtüyündən döşəməsinə qədər əsaslı təmirə ehtiyacı vardır. Həmin məktəbin 850 nəfərlik şagird, 85 nəfərlik müəllim kollektivinin arzusunu nəzərə alaraq orada əsaslı təmirə başlanılmasını xahiş edirəm.
Məlumat üçün bildirmək istəyirəm ki, torpaq sahəsinin məhdud olması və əhalinin sıx yaşamasına görə Masallı digər rayonlardan fərqlənir. Ona görə Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində Masallı rayonunda turizmi, kənd təsərrüfatını inkişaf etdirmək, əhalinin işsizliyini aradan qaldırmaq, mövcud proqramlardan səmərəli istifadə etmək, bir sıra iqtisadi layihələri reallaşdırmaq üçün əlavə tədbirlər proqramının işlənib hazırlanmasını zəruri hesab edirəm.
Cənab Sədr, mən Masallı rayonundan seçilən deputat kimi Masallıda çayçılığın inkişafı ilə bağlı məsələ qaldırmışam. Əlamətdar haldır ki, ötən il hökumətin hesabatında verdiyim təklif nəzərə alınıb.
Azərbaycanı qüdrətli və zəngin dövlətə çevirən, xalqın rifahını daha da yaxşılaşdırmaq məqsədini həyata keçirən cənab İlham Əliyev siyasətinin alternativi yoxdur. Biz – Milli Məclisin üzvləri həmin siyasəti həmişə dəstəkləmişik, bundan sonra da qətiyyətlə dəstəkləyəcəyik. Mən Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyətini qənaətbəxş hesab edirəm və həmkarlarımı da hökumətin fəaliyyətini yüksək qiymətləndirməyə çağırıram. Diqqətinizə görə minnətdarlığımı bildirirəm.
Sədrlik edən. Mən hesab edirəm ki, maliyyə naziri Samir Şərifovu dinləsək, bizi maraqlandıran müəyyən məsələlərə aydınlıq gələr. Buyurun.
S. Şərifov, Azərbaycan Respublikasının maliyyə naziri.
Cənab Sədr, hörmətli cənab Baş nazir, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Cənab Sədr, ilk növbədə, söz verdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istərdim. Hesab edirəm ki, 2006-cı ilin yekunları Azərbaycan Respublikasının Nazirlər Kabinetinin hesabatında göstərildiyi kimi, möhtərəm Prezident İlham Əliyevin rəhbərliyi altında iqtisadiyyatın dinamik inkişafını bir daha sübut edir. Göründüyü kimi, ötən il ölkədə qeyri-neft sektorunun inkişafı, regionlarda sahibkarlığın vüsət alması, yeni iş yerlərinin açılması, yoxsulluq səviyyəsinin azaldılması, iqtisadi artım və əhalinin rifahının daha da yüksəlməsi təmin edilmişdir. 2006-cı ildə makroiqtisadi sabitliyin qorunması və inflyasiyanın normal həddə saxlanması üçün dövlət və icmal büdcələrinin tərtibi zamanı orta müddətli büdcə-vergi siyasətinin strateji parametrləri və istiqamətləri üzrə göstəricilərin müəyyənləşdirilməsi, orta müddətli dövlət və icmal büdcənin gəlir bazasının genişləndirilməsi, xərclərin investisiya və sosial yönümünə üstünlük verilməklə islahatların və məqsədli proqramların dəstəklənməsi, dövlətin müdafiə qabiliyyətinin gücləndirilməsi, ünvanlı sosial yardımın, regionların sosial-iqtisadi inkişafına dair tədbirlərin, xarici borc və öhdəliklərin maliyyə təlimatının yaradılması üzrə qarşıya qoyulmuş vəzifələr təmin olunmuşdur.
Ölkənin iqtisadi inkişafını stimullaşdıran vergi sisteminin, büdcə prosesinin daha da təkmilləşdirilməsi istiqamətində məqsədyönlü işin davamı olaraq “Büdcə sistemi haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara, Vergi Məcəlləsinə əlavə və dəyişikliklər edilmiş, ilk dəfə olaraq əhalinin yaşayış səviyyəsinin müəyyən edilməsində xüsusi əhəmiyyət kəsb edən “Azərbaycan Respublikasında 2007-ci il üçün yaşayış minimumu və ehtiyac meyarının xətti haqqında” Azərbaycan Respublikasının Qanunu sizin fəal iştirakınızla qəbul edilmişdir. Bu təkmilləşmələr dövlət və icmal büdcələrə əlavə gəlirlərin cəlb edilməsinə, xərclərin daha da şəffaf idarə olunmasına, ölkəmiz müstəqillik əldə etdikdən sonra ilk dəfə olaraq dövlət büdcəsinin sərbəst vəsait qalığının idarə edilməsi və ya idarəetməyə verilməsinə, gəlirlərin xarici valyutada olan hissəsinin konvertasiya edilmədən xərclərə yönəldilməsinə, birdəfəlik təyinatlı xərclər üzrə yaranmış qənaətdən səmərəli istifadə edilməsinə hüquqi baza yaratmışdır.
Eyni zamanda, 2006-cı ildə nəzarət mexanizminin daha da təkmilləşdirilməsi məqsədilə xəzinədarlıqda yeni texnologiya və proqram təminatına əsaslanan informasiya idarə sisteminin yaradılması üçün səmərəli və vacib addımlar atılmışdır. Bu isə dövlətə məxsus maliyyə vəsaitlərinin vahid mərkəzdən idarə olunmaqla məqsədyönlü təyinatı üzrə istifadə olunmasına əlavə imkanlar verəcəkdir.
2006-cı ildə ölkədə sığorta nəzarətinin təkmilləşdirilməsi və etibarlı sığorta təminatının yaradılması istiqamətində beynəlxalq ekspertlərin iştirakı təmin edilməklə intensiv iş aparılmışdır və hazırda “Sığorta haqqında” Azərbaycan Respublikası Qanununun yeni layihəsinin Milli Məclisə təqdim edilməsi gözlənilir. 2006-cı ilin yekunlarını qiymətləndirərək bir daha qeyd edirəm ki, nəticə etibarilə uğurlu il olmuşdur.
Millət vəkillərinin hökumətin hesabatına dair səsləndirdikləri fikirlərə və bəzi suallara münasibətimi bildirmək istərdim. Azərbaycanda ümumi daxili məhsulun son 3 il ərzində ardıcıl olaraq artması və faktiki olaraq, 2006-cı ildə 35 faizə çatması ölkədə aparılan iqtisadi siyasətin düzgün və dərin əsaslara söykəndiyini sübut edir. Burada belə fikirlər səsləndirilir ki, xarici şirkətlərin Azərbaycanda fəaliyyətinin Azərbaycan hökumətinə heç bir aidiyyəti yoxdur. Mən bu fikirlərlə razı deyiləm. Azərbaycan hökumətinin neft strategiyası həyata keçirilməsə idi, ulu öndərimiz Heydər Əliyev tərəfindən 1994-cü ilin sentyabrında ilk neft kontraktının imzalanması ilə neft strategiyasına start verilməsə idi, bu strategiya ardıcıl həyata keçirilməsə idi, yəqin ki, bu gün biz neft gəlirlərinin idarə edilməsindən, düzgün xərclənməsindən söhbət aça bilməzdik.
Hökumətin hesabatında da öz əksini tapıb. 2006-cı ilin əsas uğurlarından biri Bakı–Tbilisi–Ceyhan əsas ixrac boru kəmərinin açılması olmuşdur. Bu isə Azərbaycana növbəti 20 ildə sabit şəkildə neft gəlirlərinin daxil olmasını təmin etmişdir. Boru kəmərinin tikilməsi elə də asan iş deyil. Bu həm də təkcə xarici şirkətlərin işi deyildi. Burada bunu söyləyənlər heç bir məlumata malik deyillər. Bu, həqiqətdən və ədalətdən uzaq bir fikirdir.
Mən burada digər məsələlərə də toxunmaq istərdim. 2007-ci ilin dövlət büdcəsinin Milli Məclisdə müzakirəsi zamanı hökumət tam açıqlıqla etiraf etmişdi ki, 2007-ci ildə makroiqtisadi nöqteyi-nəzərdən hökumətin qarşısında duran ən əsas vəzifələrdən biri inflyasiya ilə mübarizədir. Hökumət bunu gizlətmir, bu problem hökumətə bəllidir və bununla bağlı müvafiq tədbirlər görülür. Eyni zamanda, o da etiraf olunmuşdur ki, Azərbaycan çox dinamik inkişaf dövrünü yaşayır. Bu dövrün xüsusiyyətləri məhz ondan ibarətdir ki, Azərbaycanda bir tərəfdən sosial proqramlar, – bu proqramların əksəriyyəti Milli Məclis tərəfindən dəstəklənmiş və millət vəkillərinin çıxışlarında da müəyyən sosial proqramların həll edilməsi istiqamətində məsələlər qaldırılmışdır, – digər tərəfdən isə geniş miqyaslı infrastruktur layihələri, əsaslı kapital qoyuluşu həyata keçirilir. Bu isə onunla bağlıdır ki, Sovetlər İttifaqı dağıldıqdan sonra Azərbaycanın, faktiki olaraq, köklü şəkildə investisiya qoyuluşunu həyata keçirmək imkanları yox idi. Bu gün isə neft strategiyasının həyata keçirilməsi nəticəsində belə imkanlar yaranıb və Azərbaycan hökuməti bu imkanlardan istifadə edir. İnvestisiya qoyuluşunun nəticələri də göz qabağındadır. Bunları görməmək, sadəcə, ədalətsizlikdir.
Burada hesabatın strukturuna aid bəzi fikirlər səsləndirildi. Hesab edirəm ki, bu məsələlərin həll edilməsi mümkündür. Hökumət, yəqin ki, gələn il üçün hesabat hazırlayanda bunu nəzərə alacaq.
Burada lizinq əməliyyatları ilə bağlı bəzi təkliflər səsləndirildi. Bu məsələ yeni məsələ deyil, xeyli müddətdir ki, bununla bağlı müzakirələr gedir. Yəqin ki, 2007-ci ildə bu məsələnin müsbət həlli istiqamətində nəzərə çarpan irəliləyişə nail olacağıq.
Məktəblərin, informasiya müharibəsinin maliyyələşdirilməsi və yeni filmlərin çəkilməsi ilə bağlı məsələlər qaldırıldı. Yalnız onu qeyd edərdim ki, 2006-cı ildə dövlət büdcəsindən iki bədii filmin maliyyələşməsi həyata keçirilmişdir və bu ilin büdcəsindən də Mədəniyyət Nazirliyinə bu məqsədlər üçün vəsait ayrılmışdır. Bu məqsədlər üçün ildən-ilə büdcədən daha çox vəsait ayrılır. Elmin maliyyələşdirilməsi ilə bağlı bir neçə deputat öz fikirlərini bildirdilər. Mən yalnız onu diqqətinizə çatdırmaq istərdim ki, son 3 ay ərzində Milli Elmlər Akademiyasında çalışan işçilərin vəzifə maaşları 100 faiz artırılmışdır. Bu, Prezident cənab İlham Əliyevin elmə olan qayğısının təzahürüdür. Digər tərəfdən isə hökumət bu məsələyə öz fikrini bildirmişdir. Biz millət vəkilləri ilə birlikdə elmin maliyyələşdirilməsi mexanizmləri üzrə fikir mübadiləsi apararaq yeni bir konsepsiya işləyib təqdim etməliyik. Bunun üzərində artıq hökumətdə iş gedir və yaxın müddət ərzində bu konsepsiya təqdim olunacaqdır. Hesab edirəm ki, biz bu sahədə də müəyyən irəliləyişə nail olacağıq.
Bəzi deputatlar hökumətin gördüyü işlərə tamamilə qara rəng yaxmaq, kölgə salmaq cəhdləri etdilər. Hesab edirəm ki, bu, düzgün yanaşma deyil. Hökumətin iqtisadi fəaliyyətinin nəticələri təkcə Azərbaycanda deyil, eyni zamanda, beynəlxalq aləmdə də qiymətləndirilir. Bu nöqteyi-nəzərdən mən nəzərinizə çatdırmaq istərdim ki, ötən il ərzində Azərbaycanın beynəlxalq kredit reytinqi iki kredit reytinqi agentliyi tərəfindən artırılaraq investisiya reytinqindən yalnız bir pillə aşağı olmuşdur. Bu isə hesab edirəm, təkcə Azərbaycanın daxilində hökumətin fəaliyyətinə verilən qiymət deyil, beynəlxalq ekspertlərin verdiyi qiymətdir. Yekunda qeyd etmək istərdim ki, hörmətli millət vəkilləri tərəfindən səsləndirilən fikirlər bizim üçün çox dəyərlidir. Biz onların əksəriyyətini nəzərə alacağıq. 2008-ci il üçün dövlət büdcəsinin hazırlanması üzrə iş artıq başlanılıb. Həm dövlət büdcəsinin, həm icmal büdcənin formalaşmasında və hazırlanmasında bu təkliflər nəzərə alınacaqdır.
Fürsətdən istifadə edərək, mən də hörmətli millət vəkillərini qarşıdan gələn Novruz bayramı münasibəti ilə ürəkdən təbrik etmək istərdim! Sağ olun.
Sədrlik edən. Bayramqabağı çox yaxşı işlədik. Təklif var ki, səsə qoyaq. Xahiş edirəm, münasibətinizi bildirin.

 Səsvermənin nəticələri (saat 18.01 dəq.)
 Lehinə 103
 Əleyhinə 8
 Bitərəf 2
 Səs vermədi 0
 İştirak edir 113
 Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Nazirlər Kabinetinin üzvlərini təbrik edirik, onlara gələcək işlərində və fəaliyyətlərində uğurlar arzulayırıq! Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi