2007-ci il 19 mart tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  45

Milli  Məclisin  iclas  salonu.
19  mart  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 105 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşdur:

R. Usubov, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini.

İclasın gündəliyinə aşağıdakı məsələ daxil idi:

Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında.
İclasda qəbul edilmişdir:

“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilməsi və cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin qərarı.


Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri                                  O. ƏSƏDOV

 

 

MİLLİ  MƏCLİSİN  İCLASI

19  mart  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 101
Yetərsay 83

Qeydiyyatdan 101 nəfər keçib. Xahiş edirəm, bir də səsvermə keçirəsiniz. Özü də adbaad səsvermə olsun. Bir də təkrar qeydiyyat keçirilsin.

Qeydiyyat (saat 12.00 dəq.)
İştirak edir 102
Yetərsay 83

102 nəfər iştirak edir, yetərsay var. İclasa başlaya bilərik.
Hörmətli deputatlar, Azərbaycan Respublikasının Baş prokuroru Konstitusiyanın 90-cı maddəsinin II hissəsinə əsasən mart ayının 17-də təqdimatla Milli Məclisə müraciət etmişdir. Təqdimatda parlamentin deputatı Hüseyn Abdullayevin toxunulmazlığına xitam verilməsi xahiş olunur. Daxili Nizamnamənin 22-ci maddəsinə görə, Baş prokurorun təqdimatına Milli Məclisdə 7 gün müddətində baxılmalıdır. Qarşıdan bayram günləri gəldiyinə görə biz məsələyə bu gün baxacağıq.
Nizamnamənin tələbinə əsasən Baş prokurorun təqdimatı Milli Məclisin İntizam komissiyasına göndərilmişdir. Bu gün İntizam komissiyası öz iclasını keçirmiş və rəyini qəbul etmişdir.
Məsələnin müzakirəsinə başlayırıq. Söz verilir Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini cənab Rüstəm Usubova.
R. Usubov, Azərbaycan Respublikası Baş prokurorunun birinci müavini.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Cənab Sədrin qeyd etdiyi kimi, mən bu gün Azərbaycan Respublikasının Baş prokuroru cənab Zakir Qaralovun Milli Məclisə ünvanladığı təqdimati səsləndirəcəyəm.
“Azərbaycan Respublikası Milli Məclisinin Sədri cənab Oqtay Əsədova.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2, 132-ci maddələri ilə başlanmış 76969 saylı cinayət işi üzrə Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin deputat toxunulmazlığına xitam verilməsi barədə təqdimat.
16 mart 2007-ci il tarixdə saat 12.30 radələrində Azərbaycan Respublikası Milli Məclisinin Bakı şəhəri, Parlament prospekti, 1 ünvanında yerləşən inzibati binasının iclas salonunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı ildə fəaliyyəti haqqında hesabatı üzrə müzakirələr keçirilərkən Milli Məclisin deputatı Hüseyn Abbas oğlu Abdullayev çıxışı zamanı deputat etikasını gözləmədiyinə, insanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz ifadələr işlətdiyinə, deputatın yüksək adına xələl gətirən hərəkətlər etdiyinə görə sədrlik edən tərəfindən Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 45 və 46-cı maddələrinə müfaviq olaraq xəbərdarlıq edildiyindən, bu tədbir nəticə vermədikdə isə sözü kəsildiyindən hiddətlənmiş, qanunazidd hərəkətlərini ictimai qaydanı kobud surətdə pozan səviyyəyə çatdırmış, salonda olan deputatlara, eləcə də parlamentin işini izləyən ictimaiyyət nümayəndələrinə hörmətsizlik etmiş, onu intizama dəvət edən, xuliqanlıq hərəkətlərinə son qoymağı tələb edən deputatları nalayiq ifadələr işlətməklə söyüb təhqir etmişdir.
Bundan sonra o, xuliqanlıq hərəkətlərinin qarşısını alan deputat Fəzail Ağamalını təkrarən təhqir etmiş, üstünə hücum edib ona qarşı zor tətbiq etmiş, döyərək alnının sol qaşüstü nahiyəsindən 3.5×2.5 sm ölçüdə olan şişkinlik, habelə qapalı kəllə beyin travması əlamətlərinin yaranmasına səbəb olan fiziki ağrılar yetirmişdir. Bu hərəkətlərin nəticəsində Milli Məclisin iclasının gedişi 20 dəqiqə ərzində pozulmuşdur.
Bu fakta görə 16 mart 2007-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci və 132-ci maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaq aparılır. İlkin araşdırmalarla 27 may 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Abdullayev Hüseyn Abbas oğlunun həmin cinayətdə iştirakı Ağamalı Fəzail Rəhim oğlu və şahidlərin ifadələri, Səhiyyə Nazirliyinin Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin arayışı, hadisənin lentə alındığı videokasetə baxış protokolu və digər sübutlarla təsdiq olunur.
Hüseyn Abdullayevin hərəkətlərində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci və 132-ci maddələrinin əlamətləri vardır və o, həmin maddələrlə cinayət məsuliyyətinə cəlb edilməlidir. Hüseyn Abdullayev Azərbaycan Respublikası Milli Məclisinin deputatıdır. Azərbaycan Respublikasının Konstitusiyasının 90-cı maddəsində Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığı müəyyən edilmişdir. Səlahiyyət müddəti ərzində Azərbaycan Respublikası Milli Məclisi deputatının şəxsiyyəti toxunulmazdır. Azərbaycan Respublikası Milli Məclisi deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə xitam verilə bilər.
“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun 2-ci maddəsinə əsasən deputat toxunulmazlığına Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsində müəyyən edilmiş qaydada xitam verilə bilər. Milli Məclis deputatının toxunulmazlığına yalnız Azərbaycan Respublikası Baş prokurorunun təqdimatına əsasən Milli Məclisin qərarı ilə xitam verilməsi qaydası həm də Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 22-ci maddəsində müəyyən edilmişdir. Ona görə də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Abdullayev Hüseyn Abbas oğlunun toxunulmazlığına xitam verilməsi üçün Azərbaycan Respublikasının Milli Məclisinə təqdimat göndərilməlidir. Göstərilənlərə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 90-cı maddəsi və “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsini rəhbər tutaraq xahiş edirəm:
27 may 1967-ci ildə Naxçıvan Muxtar Respublikasının Culfa şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, Bakı şəhəri, Azərbaycan prospekti, 22, mənzil 18 ünvanda qeydiyyatda olan və yaşayan, Azərbaycan Respublikası Milli Məclisinin deputatı Abdullayev Hüseyn Abbas oğlunun Cinayət-Prosessual Məcəlləsi ilə cinayət məsuliyyətinə cəlb edilməsi üçün onun deputat toxunulmazlığına xitam verilməsi məsələsinə baxasınız.
Birinci dərəcəli dövlət ədliyyə müşaviri Zakir Qaralov.”
Sədrlik edən. Çox sağ olun, cənab Usubov. Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq təqdimata Milli Məclisin İntizam komissiyasında baxılmışdır. İntizam komissiyasının sədri Ağacan Abıyev buyursun.
A. Abıyev, Milli Məclisin İntizam komissiyasının sədri.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! İndi eşitdiyiniz kimi, Milli Məclisin Sədri cənab Oqtay Əsədov İntizam komissiyasına müvafiq təqdimat göndərib. Həmin təqdimata əsasən bu gün saat 10-da İntizam komissiyası toplanıb. Komissiyanın üzvləri bu məsələyə baxıblar. İntizam komissiyasının iclasında məndən başqa, komissiyanın katibi Gülər Əhmədova, üzvləri Fəttah Heydərov, Rüstəm Xəlilov, Musa Quliyev, Səttar Möhbalıyev və Fazil Mustafayev iştirak ediblər. Hadisə hamının gözü önündə baş verib. Bu məsələ bizim iclasda araşdırılıb və qərar qəbul olunub. Mən indi iclasın rəyini sizə oxuyacağam:
“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi haqqında məsələyə dair Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyasının rəyi:
Azərbaycan Respublikası Milli Məclisinin İntizam komissiyası Hüseyn Abbas oğlu Abdullayevin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci və 132-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi barədə Azərbaycan Respublikası Baş prokurorunun təqdimatina baxaraq və “Azərbaycan Respublikası Milli Məclisinin deputatının statusu haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin üçüncü hissəsini, habelə Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsinin 22-ci maddəsini nəzərə alaraq aşağıdakı qənaətə gəlir:
“Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abbas oğlu Abdullayevin cinayət məsuliyyətinə cəlb edilməsinə icazə verilməsi üçün kifayət qədər əsas var və bu məsələ Azərbaycan Respublikasının Milli Məclisinin müzakirəsinə çıxarıla bilər.”
Bu gün keçirilən iclasın qərarını sizin üçün oxudum. Bu qərar yekdilliklə qəbul olunmayıb. Qərarın lehinə 6 nəfər, 1 nəfər – Fazil müəllim əleyhinə səs verib. Mən demək istəyirəm ki, sözsüz, ayın 16-da Milli Məclisin iclasında olan hadisə heç xoşagələn bir hadisə deyil və millət vəkilinə baş ucalığı gətirmir. Sözsüz, burada cinayət elementləri var və hesab edirəm ki, təkcə Ağamalı Fəzail yox, bütün deputatlar təhqir olunmuşlar. Bu cür sözlər, hesab edirəm ki, nəinki Milli Məclisin iclasında, ümumiyyətlə, cəmiyyətdə işlədilməməlidir. İntizam komissiyasının qərarı, hesab edirəm ki, nəzərə alınmalı və bu gün Milli Məclis öz sözünü deməlidir.
Sədrlik edən. Çox sağ olun, Ağacan müəllim. Təqdim olunmuş məsələnin müzakirəsinə başlayırıq. Xahiş edirəm, müzakirələrdə iştirak etmək istəyənlər yazılsınlar. Müzakirələrə başlayırıq. Əli Əhmədov buyursun.
Ə. Əhmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəla, mən qarşıdan gələn Novruz bayramı münasibəti ilə bütün Azərbaycan vətəndaşlarını, ölkəmizin Prezidenti hörmətli İlham Əliyev başda olmaqla təbrik edirəm, xalqımıza, dövlətimizə, ölkəmizə daxil olan Novruzun uğurlu, xeyirli olmasını diləyirəm.
Bu gün Azərbaycan Respublikasının Milli Məclisi çox qeyri-adi bir qərar qəbul etmək üçün toplaşıbdır. Deputatı deputatlıq statusundan məhrum etmək haqqında qərar qəbul edilməsi bütövlükdə müsbət hadisə sayıla bilməz. Ancaq belə bir qərarın qəbul edilməsi üçün əsas olmuş hadisə düşünürəm ki, böyük bir qəbahət kimi qeyd olunmalıdır. Üç gün bundan əvvəl, ötən iclas zamanı Azərbaycan Respublikasının parlament tarixində rast gəlinməyən, Azərbaycan parlamentinə ləkə ola biləcək, onun adına böyük bir ləkə vura biləcək hadisə olubdur. Söhbət heç də ehtirasların qızışmasından və mübahisənin bir az da dərinə getməsindən getmir. Söhbət Azərbaycanın siyasi elitasının, mən çox üzr istəyirəm bu ifadəmə görə, sifətinə tüpürməsindən gedir.
Həmin gün Azərbaycanın Milli Məclisində tək Milli Məclisin nümayəndələri yox, Azərbaycan hökumətinin nümayəndələri də var idi. Azərbaycanın bütün siyasi elitası burada iştirak edirdi. Təbiidir ki, hər bir Azərbaycan vətəndaşı, xüsusi ilə də Azərbaycan deputatı Azərbaycan Respublikasının Milli Məclisinə də, deputatlarına da, Azərbaycan hökumətinə də, hökumətin üzvlərinə də hörmətlə yanaşmağı bacarmalıdır. Ən azından insanların səs verərək onu deputat seçməsi bunu tələb edir. Mən belə hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi ona atılmış bu ləkəni öz üzərindən silməyi bacarmalıdır. Biz Azərbaycanın Milli Məclisinin hörmətinin, nüfuzunun kiminsə şıltaqlığının sayəsində aşağı salınmasına imkan verməməliyik. Bu, Azərbaycan xalqının Milli Məclisidir. Burada Azərbaycan xalqının seçdiyi, etibar etdiyi insanlar əyləşiblər. Bu insanlar da həmin seçimə uyğun olmalıdırlar. Həmin seçimin səviyyəsində dayanmağı bacarmalıdırlar.
Şahidi olduğumuz olayın digər bir xoşagəlməyən cəhəti də var. Nəinki xoşagəlməyən, düşünürəm ki, təhlükəli cəhəti də var. Vaxtı ilə Azərbaycanda qoçuluq eləyən adamlar olublar. Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycanın qanunları çərçivəsində bütün bunların qarşısı alındı. Ölkədə sabitlik, əmin-amanlıq, dinclik təmin edildi. İndi görünür ki, yenə də bu iddiada olanlar ortaya çıxıblar. Həmin hadisəni mən deputat Hüseyn Abdullayevin özünə yeni status əldə etmək cəhdi kimi qiymətləndirirəm – qoçu deputat. Mən hesab edirəm ki, Azərbaycan parlamenti buna imkan verə bilməz. Təbiidir ki, qanunverici orqan hər şeydən əvvəl qanunun aliliyini qoruyur.
Ona görə də bütün deyilənləri nəzərə alaraq, Azərbaycan hökuməti üzvlərinin də iştirak etdiyi Milli Məclisdə deputat adına yaraşmayan hərəkətlərə yol verdiyinə, Azərbaycanın Milli Məclisinə böyük bir ləkə vurduğuna, Azərbaycanın siyasi elitasına böyük hörmətsizlik etdiyinə, çox böyük əxlaqsızlıq və tərbiyəsizlik elədiyinə, cinayət məsuliyyəti törədən çox ciddi əməllərə yol verdiyinə görə, hesab edirəm ki, prokurorluğun təqdimatı, qaldırılan iddia əsaslıdır. Azərbaycanın Milli Məclisində bir daha belə hadisələrin olmaması, belə bir haqsızlığın diqqətdən kənarda qalmaması, Azərbaycan parlamentinin işini öz iddialarına və şıltaqlıqlarına qurban etmək istəklərinin bundan sonra kimlər tərəfindənsə Milli Məclisdə qaldırılmasına imkan verilməməsi üçün, hesab edirəm ki, Azərbaycan Respublikasının Milli Məclisi deputat Hüseyn Abdullayevin deputatlıq səlahiyyətinə xitam verilməsinə tərəfdar olacaqdır. Azərbaycan parlamentində çoxluq təşkil edən Yeni Azərbaycan Partiyasının üzvləri bu fikirdədirlər. Mən güman edirəm ki, Yeni Azərbaycan Partiyasının üzvləri də, digər deputat həmkarlarım da bu təklifə müsbət səs verəcəklər. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun, Əli müəllim. Elton Məmmədov.
E. Məmmədov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli Baş prokurorun birinci müavini! Mən də çıxışıma başlamazdan öncə fürsətdən istifadə edib möhtərəm Prezident İlham Əliyev başda olmaqla ərazisindən deputat seçildiyim Ucar rayonunun əhalisi adından ölkə başçısını və bütün Azərbaycan xalqını qarşıdan gələn Novruz bayramı münasibəti ilə təbrik edir, Azərbaycan xalqına sülh, əmin-amanlıq, ölkə başçısına dövlətimizin qüdrətləndirilməsi naminə görəcəyi işlərdə uğurlar diləyirəm.
Hörmətli həmkarım Əli Əhmədovun fikrinə qoşularaq bu gün müzakirəmizə təqdim olunan Baş prokurorun təqdimatına münasibət bildirərək demək istəyirəm ki, bir neçə gün bundan öncə Milli Məclisdə hökumətin hesabatı dinlənilərkən baş verən insident nəinki Milli Məclisin deputatlarına... Mən o gün dedim, bu gün də qeyd etmək istəyirəm ki, Milli Məclisin hər bir deputatı Azərbaycan Respublikası Konstitusiyasının 4-cü maddəsinə uyğun olaraq xalqı təmsil etmək hüququna malikdir. Hüseyn Abdullayevin törətdiyi bu hərəkətlər, ümumən, Azərbaycan xalqına təhqirdir, etik qaydalara uyğun olmayan hərəkətdir. Bunun da müzakirəsi haqlı olaraq qanuna müvafiq şəkildə Milli Məclisin müzakirəsinə təqdim edilibdir.
Mən çıxışımda bir neçə siyasi anı vurğulamaq istəyirəm. Əgər çıxış edən iddiaçı Hüseyn Abdullayev hökumətin hesabatını nağıl adlandırırsa, hesab edirəm ki, bu, dövlətçiliyimizə ləkə salmaq, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan siyasətin davamlı inkişafına, həmin siyasəti uğurla davam etdirən möhtərəm Prezidentimizin siyasətinə ləkə salmaqdır. Nəinki Azərbaycanın daxilində siyasi gərginlik yaratmaq, hətta nəyə arxayın olmasını bilmirəm, xaricdə dövlət başçısının apardığı bütün siyasətə kölgə salmaq kimi qiymətləndirirəm. Həmkarlarım tərəfindən hökumətin təqdim olunan hesabatında inkişaf vurğulanır. Ölkədəki inkişaf, ildən-ilə dövlət büdcəsinin artması, insanların sosial rifahının yaxşılaşmasını nağıl kimi qələmə verən Hüseyn Abdullayevin hansı əqidəyə xidmət edəcəyi və deputat kimi fəaliyyəti məndə müəyyən şübhələr yaradır. Biz həmişə müəyyən qüvvələrin təsiri altında başqa dövlətlərlə müqayisə edilirik. Ölkəmizdə gedən bu pozitivləri görmək istəməyənlər qonşuların uğurlarına daha çox, ölkəmizdə gedən uğurlu islahatlara isə ondan az sevinirlər.
Bir anı vurğulamaq istəyirəm. Əgər ölkədə inkişaf varsa, dinamika müşahidə edilirsə, Heydər Əliyev siyasəti əsasında Prezidentimiz tərəfindən uğurlu, qətiyyətli addımlar atılırsa, çevik siyasət həyata keçirilirsə, respublikada daha hansı inkişaflar olmalıdır? Xalqımızın sosial rifahı necə yüksəlməlidir? Bütün proseslər birdən-birə və ya bir il, 5 illik proqram çərçivəsində həyata keçirilə bilməz. Həmkarım Valeh müəllim Ələsgərov çox düzgün vurğuladı, bu gün hökumət də hökumət başçısının müəyyənləşdirdiyi siyasi strategiya və proqram əsasında ölkənin inkişafını müəyyənləşdirir. Bu inkişaf hər birimizin gözü qarşısındadır.
Bir məsələni xüsusi vurğulamaq istəyirəm. Keçən il bütün dünya Malaziyadan ermənipərəst bir alimin Nobel mükafatına təqdim olunmasına sevinirdi. Yoxsulluğun 10 faiz azaldılması proqramını banka təqdim etdiyinə görə bu insan Nobel mükafatına layiq görülür. Bu gün möhtərəm Prezidentimizin proqramına əsasən yoxsulluğun 20 faizdən çox aşağı salınması nəzərdə tutulur. Ölkəmizdə gedən neft strategiyasının uğurla həyata keçirilməsinin davam etdirilməsini və bunların nəticəsini görərək biz təqdir etməkdən, dünyaya çatdırmaqdan və qürur duymaqdan, Prezidentimizi Nobel mükafatına təqdim etməkdənsə, onun apardığı siyasətə kölgə salmaq istəyirik.
Ölkədə gedən uğurlu siyasət insanların dövlət başçısının apardığı siyasətin ətrafında sıx birləşmələri müəyyən insanlarda çaşqınlıq yaratmasın. Bu yüksək tribunadan bəyan etmək istəyirəm ki, əsası ulu öndərimiz Heydər Əliyev tərəfindən qoyulan, qurulan bu dövlət bizə, Azərbaycan xalqına əmanət verilibdir. Bu siyasəti çox uğurla həyata keçirən möhtərəm Prezidentimizin ətrafında biz sıx birləşməliyik, çünki bu dövlət, məmləkət, Azərbaycan xalqı bizimdir və onun inkişafı da bizimdir. Buna sevinmək lazımdır.
Bu baxımdan hesab edirəm ki, müzakirəyə təqdim olunan təqdimat qanunvericiliyə uyğundur və cənab Baş prokurorun Milli Məclisə təqdim etdiyi təqdimata biz münasibət bildirərək qeyd etdiyim məsələləri qiymətləndirməliyik. Ən azı ona görə ki, Hüseyn Abdullayevin çıxışı, ümumilikdə, Azərbaycan xalqına ləkə gətirən bir çıxışdır, hərəkəti etik qaydalara sığmayan bir hərəkətdir. Belə bir insan Konstitusiyanın 4-cü maddəsinə uyğun olaraq heç vaxt xalqı təmsil edə bilməz. Ona görə, cənab Sədr, mən də hörmətli Baş prokurorun təqdimatını dinləyərək, İntizam komissiyasının rəyini dinləyərək, hesab edirəm ki, Baş prokurorun təqdimatına uyğun olaraq biz bu gün Hüseyn Abbas oğlu Abdullayevin toxunulmazlığına xitam verilməsinə razı olduğumuzu bildirməliyik. Mən hörmətli həmkarlarımı bu təqdimata müsbət rəy verməyə dəvət edirəm və mən buna müsbət rəy verəcəyimi bəyan edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Nəsib Nəsibli.
N. Nəsibli. Hörmətli sədarət, möhtərəm millət vəkilləri, hörmətli qonaqlar və mətbuat mənsubları! Mən də məndən əvvəl çıxış edən həmkarlarımın təbriklərinə qoşuluram, Novruz bayramı münasibəti ilə sizləri, ailələrinizi və bizim seçicilərin hamısını ürəkdən təbrik etmək istəyirəm.
Ayın 16-da olmuş hadisə ilə bağlı fikirlərimi deməmişdən əvvəl iki məsələyə münasibətimi bildirmək istəyirəm. Mən də hesab edirəm ki, ayın 16-da çox pis, son dərəcə təəssüf doğuracaq bir hadisə oldu.
İkinci, mən Hüseyn Abdullayevi heç tanımıram, qətiyyən heç bir əlaqəm olmayıb. Amma bununla bərabər iki məsələyə prinsipial münasibətinizi bildirməyinizi təklif edirəm.
Birinci, Hüseyn Abdullayev çoxlarından, daha doğrusu, çoxluqdan fərqli bir fikir söylədi. Bir az öncə məndən əvvəl çıxış edən Elton müəllim dedi ki, o, Nazirlər Kabinetinin hesabatını onun düşündüyü kimi qiymətləndirmədi, ona nağıl dedi. Bu, fərqli bir fikir idi, heç müxalif fikir də deyildi. Fərqli bir fikrə belə emosional reaksiya lazımdırmı? Əgər biz bu məmləkətdə, o cümlədən Milli Məclisdə demokratiya iddiasındayıqsa, fərqli fikrə dözümlə yanaşmalıyıq. Bu adam səhv fikir deyə bilər. Amma həmin səhv fikrə görə onu cəzalandırmaq düzgün deyil. Əslində, cəzalandırmaq lazımdır, amma bu şəkildə doğru deyil.
İkinci, bu salonda dəfələrlə söyüşlər eşidilib. Niyə o zaman belə bir tədbir görülmürdü? İndi fərqli fikir deyildiyindən, özü də müxalifətin nümayəndələrinin fərqli fikirlərinə, sağ olun, nisbətən dözümlü münasibət var, amma özünü bitərəf adlandıran və yaxud hakimiyyətə yaxın adam fərqli bir fikir deyəndə o saat çox emosional bir münasibət olur. Mən də hesab edirəm ki, Nazirlər Kabinetinin hesabatı çox zəif, nağılvarı bir yazı idi və daha çox tələbənin referat yazısına oxşayırdı, nəinki bir dövlət sənədinə. Amma bu o demək deyil ki, indi buna da çox həssas, emosional bir münasibət olmalıdır. Dünyanın müxtəlif parlamentlərində belə hadisələr olur, yəni münasibətlər emosional səviyyəyə çıxır, bu, arzu olunan məsələ deyil. Amma hamısında bu parlamentariləri həmin parlamentdən qovurlarmı?
Yekun olaraq, məncə, İntizam komissiyasının qərarı səhv qərardır və bu məsələyə yenidən baxmaq və hər iki tərəfi başqa şəkildə cəzalandırmaq lazımdır. Bununla bağlı Daxili Nizamnamədə bir neçə bənd var. Təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Zahid Orucov.
Z. Orucov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən birinci növbədə sizin hamınıza minnətdaram ki, 16 martda baş verən hadisənin üzərindən sükutla keçilmədi və bu məsələyə qiymət verilməsi üçün biz buraya toplaşmışıq. Sizi öz səmimiyyətimə inandırmaq istəyirəm ki, mən emosiyanın təsiri altında təhqirin hədəfi mənim təmsil etdiyim partiyanın sədri olduğu üçün qərəzli münasibətlə yox, obyektiv qiymətlə çıxış etməyə çalışacağam.
Əziz dostlar, bu məsələyə hansısa formada bəraət vermək istəyən, onu adiləşdirən, hər hansı formada onun əhəmiyyətini aşağı salmağa çalışan və belə demək mümkündürsə, üzərindən keçilməsinə təklif edənlər bizə hansı alternativ meydan təklif etdiklərinə diqqət etsinlər. Bu, avtomatik o deməkdir ki, insanların işbaz münasibətlərində işlətdikləri ifadələri – bunu biz daha çox küçə ifadələri adlandıraq – parlament debatları dilinə, parlament leksikonuna çevirək. Belə demək mümkündürsə, zamanında kriminal keçmişə, kriminal şöhrətə malik adamların mandat arxasında özlərinə təhlükəsizlik qazanaraq indi parlamenti də “abşaq” dili ilə danışmağa vadar etməsinimi, bu yolumu bizə təklif edirlər?
Mən hesab edirəm ki, bu mənada Azərbaycanın keçmişində 1990–1993-cü illər parlamentində bu hallar var idi. Həmin dövrdə Azərbaycan xalqına təklif olunanlar daha çox qarşıdurma və toqquşmalar idi. Bu mənada parlament cəmiyyət üçün nümunə ola bilməz. Əgər belə faktlar normaya çevriləcək və parlamentdə yalnız təhqir dili ilə danışılacaqsa, onda bu millət parlamentə nifrət edər. Mən hesab edirəm ki, bu məsələnin hədəfində Fəzail Ağamalı durur. Bir çoxlarının ona olsun ki, müsbət münasibəti yoxdur, həmin hadisəyə haqq qazandırmaq istəyənlər sabah özləri bundan sığorta olunmayıblar, buna məruz qalacaqlar. Ona görə hesab edirəm ki, Hüseyn Abdullayev həmin ifadələri, təhqirləri deyərkən burada hamını və Azərbaycanın siyasi elitasını təhqir etdi və bununla qeyri-əxlaqi hərəkətin bir zirvəsini göstərmiş oldu. Bundan o yana nə baş verir ki? Azərbaycanın söyüş leksikonunda bundan artığı varmı? Mən hesab edirəm ki, bu məsələdə hadisəyə fərdi, lokal bir müstəvidə yanaşanlar Azərbaycan üçün çox təhlükəli bir presedent təklif edirlər.
Məsələnin ikinci tərəfi ondan ibarətdir ki, kimlərin isə guya bu adam xalqın iradəsinin təmsilçisidir, mücahiddir, hökumətin ayrı-ayrı qurumlarına qarşı dayanıqlı bir mübarizdir və sair deməsi Azərbaycanda artıq ənənə halını almışdır və özünü qorumaq, cinayət əməllərini gizlətmək üçün siyasi məhbus adına iddia etməyi aşılayır. Artıq bunun simptomları görünməkdədir. İki gündür ki, mən mətbuatda onun ətrafında lövbər salan və onun müdafiəsinə qalxanların bu tezislərini görməkdəyəm. Bu, azad mövqeyin, sərbəst fikrin, hörmətli Nəsib müəllimin dediyi kimi, fərqli yanaşmanın cilovlanması, məhdudlaşdırılması parlamentin aşağılanması, üstləşdirilməsi deyil, söyüş azadlığının dayandırılmasıdır, xuliqanlıq hərəkətlərinin qarşısının alınmasıdır.
Hələ heç kəs bilmirdi ki, qapılarının çölündə nə baş verəcəkdir. Mən yaddaşı korlananlara göstərmək istəyirəm, Fəzail Ağamalı doğrudan doğruya dedi ki, özünü qəhrəman kimi təqdim etmə. Pənah Hüseyn də xarakterdən asılı olmayaraq istər müsbət, istərsə də mənfi replika vermişdi. Hər halda replika yerdən verilmişdi. Demək olardı ki, mən qəhrəmanam, sən qəhrəman deyilsən. Ayrı bir söz demək olardı. Amma bunun qarşısında Fəzail Ağamalının keçmişinin hamısını buraya tökməyə heç bir ehtiyac yox idi. Kimsə bu gün buna qiymət vermək istəyir. Guya Fəzail Ağamalı ilə incikliyi və ya daha başqa motiv var. Mən hesab edirəm, bu mənada biz şərəf və ləyaqət anlayışını qanunvericilik aktlarından çıxarmalı deyilik, əksinə, onu qoruyan addımları atmalıyıq və biz hazırda məhz bunu edirik.
Mən hesab edirəm ki, həmin hadisə hazır bir ssenari idi. Əgər bir səhnə idi isə səhnənin pərdələri bütövlükdə çəkilmədi. Mən sizi tam səmimiyyətlə əmin edirəm ki, hökumətin həmin mərasimini pozmaq funksiyaları, bir çox hazır çıxışlar da var idi. Bir çoxları bəlkə keçmişdə kimlərdənsə yaxşılıqlar görüblər və burada cavab qaytarırlar, özlərini göstərirlər və qrupda iştirak etmək istəklərinin burada hazırlıqlarını keçmişdilər. Səhnə görünmədi, bir çox çıxışlar təzədən arxivə qoyuldu.
Parlamentdən kənarda Yeni Azərbaycan Partiyasının elitasının, ayrı-ayrı nümayəndələrinin əli ilə dövlətə qarşı hansısa bir itaətsizlik göstərmək və bu fonda siyasi protestlər etmək istəyənlərin addımlarını 2005-ci il hadisələri ilə eyni ssenari əsasında hazırlandığını demişəm. Mən dövlət çevrilişindən, xarici səfirliklərdən danışmamışam. Xaricdə olan hər hansı Azərbaycan səfirlərindən danışmışam və mən bunu hər zaman göstərə bilərəm. Sadəcə, istəmirəm, bugünkü mərasimin motivi ayrı olsun. Ona görə mən hesab edirəm ki, hörmətli Oqtay müəllim, biz bir adam haqqında qərar vermirik, biz kriminal şəxslərin parlamentdə özlərinə toxunulmazlıq qazanmaları praktikasına son qoymuş oluruq. Əgər biz bunun qarşısını alacağıqsa, yaxşı olacaq.
Keçmişdə, 1990–1993-cü illərdə hakimiyyətə meydandan gəlirdilər. 1994–1995-ci illərdə hərbi müxalifət, sonra maliyyə müxalifəti yaranmışdı, bir çoxları hansısa vasitələrlə çirkli paralar qazanıblar və biznesin müxtəlif sahələrini tutublar. Ən yaxşı kapitalı gətirən yer siyasətdir, indi kapitalı oraya qoyurlar. Belə adamların əli ilə də protest etməyə çalışırlar. Mən bu motivləri görürəm. Necə olur ki, parlamentin çölündə Əli Həsənov, Əli Əhmədov və Siyavuş Novruzov bu şəkildə ittihamlara məruz qalırlar? Yeni Azərbaycan Partiyası parçalanmaq ərəfəsindədir deyə mesajlar başlayıb. Buna bizim deputatlar niyə susurlar? Mən ulu öndər Heydər Əliyevin bir sözünü xatırlatmaq istəyirəm: “Mövqe göstərmək vaxtıdır”. 2004-cü ildə İlham Əliyevin milli ensiklopediyanın hazırlanması ilə bağlı müşavirədə dediyi sözləri xatırlatmaq istəyirəm: “Mən hakimiyyətə gəlməsəydim, sizin çoxlarınızın hansı formada hərəkət edəcəyini bir görərdim”. Mən bir az obrazlı deyirəm, İlham Əliyev hakimiyyətə 3 ay sonra gəlmiş olsaydı, bu hakimiyyət budağının orta hissələrinin başqan yerlərində oturan və bu hakimiyyətin hesabına hansısa formada özünə böyük imkanlar qazanmış adamların çoxu hakimiyyət budaqlarından silkələnib töküləcəkdilər, çoxlu kal armudlardan xilas olmuş olacaqdıq.
Mən heç kəsə təsir etmək istəmirəm, qərar da sərbəst seçimdir. Bir daha hesab edirəm ki, bu gün Yeni Azərbaycan Partiyasına minnət qoymağa çalışan, keçmiş xidmətlərini başa vuran, yeni iddialarla parlamentdə hədyanlar danışanlar mənim üçün eynidir. Ola bilsin, onlar vahid bir komanda şəklində hələ idarə olunmurlar. Ola bilsin, onları vahid bir əl idarə etmir. Lakin sizi tam inandırıram ki, nəticə elə alınır. Nəticə belə çıxır ki, sanki kimlərsə bir itaətsizlik yaratmaq istəyirlər. Məhdud saylı narazı elektratı təşkilatlandırıb bu hakimiyyətin üzərinə salmaq istəyirlər. Bu məsələyə dönərək, hesab edirəm ki, Azərbaycan parlamenti həmin məsələyə mütləq bu gün qiymət verməlidir və ümidvaram, verəcəkdir.
Azərbaycanda ideya müxalifəti və əqidə müxalifəti son dərəcə zəifdir. Azərbaycanda sosial müxalifət, vəzifə müxalifəti var. Görürlər ki, hakimiyyətin alternativini bu müxalifətdən yetişdirmək mümkün deyil, ayrı-ayrı narazı, bəlkə də iqtisadi maraqları tapdalanan insanlar dərhal hakimiyyətə qarşı aktivləşməyə başlayırlar. Bu adamlardan, iddiaları böyük olub irəli keçmək iddiaları təmin olunmayan adamlardan narazı bir komanda yaratmağa başlayıblar. Mən hesab edirəm ki, biz bu gün belə bir hadisəyə qiymət veririk.
Yeni Azərbaycan Partiyası da, hakimiyyət elitası da onu daxili münaqişələrlə boğmaq, cənab Prezidenti bir dayağından məhrum etmək istəyən kəslərə qarşı biz dayanış, müqavimət göstərməliyik, biz durmalıyıq. Bəzən bizi papadan daha çox katolik olmaqda ittiham edirlər. Sirus Təbrizlinin mərasimində onun qabağından durub gedənləri biz qınayırıq. Fəzail Ağamalı da dindi, danışdı, nə baş verir? Çoxlarının tərəddüdlü mövqelərini mən görürəm. Ona görə də mən həmin insanlara çağırış edirəm. Əziz dostlar, əslində, biz öz dövlətimizi, Azərbaycan dövlətçiliyini müdafiə edirik. Azərbaycan dövlətçiliyi təhqir olunursa, ona mütləq qiymət vermək lazımdır. Lakin bu, Hüseyn Abdullayevin siyasi persona olması demək deyil. Mən son olaraq bu təhqirin prokurorluq tərəfindən verilən təqdimatla onun toxunulmazlığının götürülməsini təklif edirəm və ona səs verəcəyəm. Sağ olun.
Sədrlik edən. Çox sağ olun. Pənah Hüseyn.
P. Hüseyn. Təşəkkür edirəm. Hörmətli Sədr, məndən əvvəl çıxış eləyən deputatlar, hörmətli Zahid Oruc, hörmətli Elton müəllim, qismən də Əli müəllim öz çıxışları ilə sübut etdilər ki, biz bu gün xuliqanlıq hadisəsini yox, prokurorluğun təqdimatında deyildiyi kimi, adi kriminal hadisəni, hüquqi qərarı yox, siyasi məsələni və siyasi qərarı müzakirə edirik. Stenoqramı oxuyarlar, qəzetlərdə, mətbuatda, yəqin, çap olunacaq, mənim doğru deyib-deməməyim bir daha məlum olar. Biz də deyirik ki, bu hesabat statistika toplusudur, saxta rəqəmlərlə doludur, xalqın mənafeyinə uyğun olmayan siyasət yeridilməsini əks etdirir. Bizi həbs eləyəcəksiniz ki, siz kiməsə ləkə atırsınız? Niyə Hüseyn Abdullayev burada yoxdur, niyə həmin şəxs müzakirəyə qədər həbs olunub? Hansı hüquqdan danışırıq burada? Bu şəxs kimin əmri ilə, hansı əsasla həbs olunub? Deputatdır, deputat toxunulmazlığı da götürülməyib. Burada iştirak edərdi, sözünü deyərdi. Belə bir ölkədə yaşayırıq biz? Heç kimin zəmanəti yoxdur ki, indi qapıdan çıxanda onu kimsə provakasiyaya çəkməyəcək. Müzakirələrdən belə məlum olur ki, şəxsi təhqir etsinlər, əl qaldırsınlar, o da əl qaldırsın, sabah 3 santimetrlik şişi əsas göstərərək, onu xuliqanlıqda ittiham və həbs etsinlər. Bütün bunları da deputat toxunulmazlığı ləğv edilmədən, deputatlıqdan məhrum etmədən yerinə yetirsinlər. Nə baş verir? Yeni Azərbaycan Partiyasının daxilində baş verənlərin bizə nə dəxli var? Mənə, bir deputat kimi və bütövlükdə Milli Məclisə nə dəxli var? Öz “razborkanızı” partiyanızda eləyin, onları Milli Məclisə gətirməyin.
Əlbəttə, mahiyyət aydın oldu. Siyasi böhran var, indi Hüseyn Abdullayevin başında çatladı, qurbanlıq o oldu. Onun əli ilə bir xof yaratmaq istəyirlər. Əlbəttə, böhranın aradan qaldırılması yolları var, bu məsələləri başqa cür həll etmək lazımdır. Milli Məclis deputatının toxunulmazlığını əlindən almaqla həll olunası məsələ deyil. Hüseyn Abdullayevi mən də tanımıram, heç vaxt hələ üz-üzə gəlib salamlaşmamışam. Amma onun adını eşitmişik, onun adamları bizim müxalifəti hakimiyyətin və yaxud hakim partiyanın sifarişi ilə mitinqlərdə döyüblər, təhqir ediblər, xəsarət yetiriblər. Onda o, cinayətkar deyildi? Biz onu müdafiə eləmirik ki, guya müxalifət yaranmış situasiyadan özünə siyasi dividend götürmək istəyir. Biz burada məsələnin siyasi amilinə və qeyri-hüquqi şəkildə qoyulmasına görə tələb edirik.
Burada iki maddə oxundu. Təəssüf ki, həmin təqdimat və İntizam komissiyasının qərarı nə monitorda var, nə də bizə paylanıb. Bu da məsələnin siyasi sifarişlə gəldiyinin və sürətlə həll olunmasının bir əlamətidir. Mən maddələri yadımda saxlamadım. Amma hüquqşünaslardan biri dedi ki, həmin maddələrin birinə görə 6 ay və ya bir-iki il həbs nəzərdə tutulur. Onun tərkibində həbslə bağlı olmayan digər sanksiya da var. Ona görə də deputatın toxunulmazlığını alarlar? Buna görə deputatı mülki şəxslərlə birlikdə həbs eləyib döyə-döyə apararlar? Nə ölkədir bu?
Mən məsələnin konkret situasiyasına qayıtmaq istəyirəm. Mən özüm bu cür böhtan xarakterli, yalançı şahid ifadələrinə istinad olunmuş cinayət məsuliyyətinə cəlb edilmə haqqında çox qərarlar görmüşəm. Hamısı bizim gözümüzün qabağında oldu. Məlum deyil ki, kim-kimə hücum elədi? Dünyanın bütün televiziyalarında göstərdilər. Yazırlar ki, Hüseyn Abdullayev Fəzail Ağamalıya hücum eləyib, ona xəsarət yetirib. Burada görünmürdü kim kimə əl qaldırdı. Hüseyn Abdullayev söyüş söydü və Fəzail Ağamalının da hərəkətində xoşagələn o oldu ki, Fəzail Ağamalı onun söyüşünə cavab verdi. Mən bunun hüquqi tərəfinə toxunmuram. Amma bütün bunlar sədarətin, hörmətli hökumət üzvlərinin gözü qarşısında baş verdi, diktofona yazıldı, kimin söyməsi məlum, amma kimin hücum etməsi və kimin birinci zərər vurması da məlum idi. Hamımız gördük. Cənab Baş prokurorun təqdimatında hamımızın gözü qarşısında olan həmin hadisə öz əksini tapır. Bu da onu göstərir ki, şübhəsiz, düymə ayrı yerdən basılıb və 7 günün də gözlənməməsinin səbəbi budur.
Sabah bayram axşamıdır, Milli Məclisi məcbur eləyiblər, çox əcaib bir şəklə düşmüşük, bir-birimizi Novruz bayramı münasibəti ilə təbrik edirik, digər tərəfdən deputatlardan birinin həbsinə icazə veririk. Daha doğrusu, həbs olunub, bizdən soruşan da yoxdur. Özümüzü böyük persona hesab eləməyək. Belə bir vəziyyətdə burada hörmətli deputatlarımız, Milli Məclis üzvləri də məsələnin mahiyyətinə varmayaraq bu məsələnin üstündən keçmək, sadəcə, insan taleyi ilə bağlı olan bir məsələyə… Ola bilsin ki, hətta Hüseyn Abdullayevin bilmədiyi və başa düşmədiyi mənada insan taleləri var. Amma biz onun, ailəsinin, yaxınlarının taleyini başa düşürük. Bayram axşamında onun həbsinə biz Müsavat deputat qrupu olaraq burada çoxluq təşkil etmirik. Hörmətli Əli müəllim Yeni Azərbaycan Partiyasının çoxluğunun rəyini ifadə etdiyini bildirdi. Biz də bu məsələni müzakirə etmişik. Deputat qrupumuzun iştirakçıları da digər məqamlara toxunacaqlar. Biz bu qərarın əleyhinə səs verəcəyik. Hamını bir daha düşünməyə, qərarın əleyhinə səs verməyə dəvət edirəm.
Hörmətli Sədr, yeri gəldi deyim, mən hesab etmirəm ki, hörmətli Oqtay müəllim burada sədr olmasa, kimsə ondan yaxşı sədr olacaq. Amma bu məsələdə Sizin iclası apararkən dəfələrlə etdiyiniz hərəkətlərin də bir rolu oldu. Siz Hüseyn Abdullayevi saxlamasaydınız, mikrofon söndürülməsə idi, bu hadisə baş verməzdi. Dəfələrlə bizim də başımıza gəlib. Mən də mikrofon söndürüləndə, bəzi situasiyalarda məcbur olub ayağa qalxmışam, yerimdən danışmışam. Sual, bəyanat verməyə şərait yaratmırsınız, belə vəziyyət yaranır. Kiminsə əsəbləri, emosional vəziyyəti başqa şəkildə ola bilər, belə xoşagəlməz hallar yaranar. Milli Məclisin iclasının reqlamenti ciddi şəkildə yazılsa, qəbul olunsa, mən hesab edirəm ki, bu cür situasiyaların yaranmasının əhəmiyyətli şəkildə qarşısı alınardı. Mən diqqətinizi buna cəlb edirəm. Sonda bir daha həmin prokurorluğun təqdimatının əleyhinə səs verməyə çağırıram.
Sədrlik edən. Birinci, Pənah bəy, Siz kimin adından deyirsiniz ki, həbs olunub? Xahiş edirəm, belə dezinformasiya verməyin. Milli Məclisin iclasının aparılması qaydasını mən bilirəm. Sual vermək üçün yazılıb çıxış etməyə mən heç vaxt imkan verməmişəm və imkan da verməyəcəyəm. Dörd dəfə xəbərdarlıq etdik ki, çıxış edəndə danışarsan. Hər bir millət vəkili suala yazılıb bütün iclası poza bilər. Mən sizin hamınızın qabağında dörd dəfə də xahiş etdim ki, çıxış üçün növbən çatanda danışarsan. Mən televiziyada da gördüm, dedilər ki, Oqtay Əsədov imkan yaratmadı. Mən niyə imkan yaratmalıyam ki, o, növbədənkənar çıxış etsin? Xahiş edirəm, bir az obyektiv danışın. Əhəd Abıyev.
Ə. Abıyev. Hörmətli Sədr, hörmətli deputatlar, çox dəyərli siyasi həmfikirlər! Əvvəla, birmənalı olaraq mən də bu gün Azərbaycan Respublikası Milli Məclisinin deputatı Hüseyn Abdullayevin deputatlığına xitam verilməsi məsələsi ilə bağlı münasibətimi bildirmək istəyirəm. Bu gün Azərbaycanı hüquqi, dünyəvi bir ölkə kimi beynəlxalq maliyyə qurumları da, dünya ictimaiyyəti də dəstəkləyir. Azərbaycan regionda lider ölkədir, güc mərkəzinə çevrilib. Buna əyani sübut kimi Bakı–Tbilisi–Ceyhan boru kəmərinin, Bakı–Tbilisi–Ərzurum qaz və neft kəmərinin işə düşməsi və Bakı–Tbilisi–Qars–Axalkalaki dəmir yolunun tikintisinə başlanması göstərir ki, Azərbaycana xarici dövlətlərin inamı və Azərbaycanın xarici dövlətlərə inteqrasiyası artır.
Bu günlərdə Azərbaycanda gedən islahatlar, quruculuq, abadlıq işləri hamıya aydındır. Ulu öndərimizin gözəl tarixi kəlamı da var idi: “Müstəqil Azərbaycan əbədidir, dönməzdir.” Bəli, bu, inkaredilməz, təkzibolunmaz əyani bir faktdır, yəni Azərbaycanda gedən proseslər bir daha göstərir ki, daxildə və xaricdə Azərbaycanın hörməti, nüfuzu artmaqdadır. Ölkə Prezidentinin uğurla həyata keçirdiyi islahatlar Azərbaycan ərazisində siyasi sabitliyə tam təminat verir. İnsanlar da sərbəst, yüksək səviyyədə ölkə rəhbərinin aparmış olduğu uğurlu siyasəti dəstəkləyirlər. Amma biz, Milli Məclisin üzvləri Azərbaycan xalqına xidmət etmək üçün göstərilən etimadı doğrultmalıyıq, yenə deyirəm, vəzifə borcunu yerinə yetirməliyik.
Mən Yeni Azərbaycan Partiyasının üzvü kimi Milli Məclisdə istər ölkə rəhbəri, istərsə də iqtidar barəsində senzurasız danışan adamlara qarşı öz haqq, ədalət sözümü demişəm. Bu gün Azərbaycanda tam demokratiya, söz azadlığı var. Hərə öz münasibətini hüquqi cəhətdən əsaslandırıb deyə bilər. Zorakılıq, keçmiş dövrlərdə olan kimi xaos yaratmaq, müəyyən adamların qruplaşması üçün şərait yaratmaq, dövlətçilik əleyhinə söz demək cəhdlərinin qarşısı qətiyyətlə alınmalıdır, necə ki alınır.
Cənab Sədr, gündəlikdə olan məsələ ilə bağlı mən də bildirmək istəyirəm ki, həqiqətən, belə bir vəziyyət təəssüflər doğurur. Ölkəmizdə siyasi sabitlik, əmin-amanlıq, bayram ərəfəsində bolluq mövcuddur. Mən deyərdim, Nazirlər Kabinetinin hesabatını çox yüksək səviyyədə dinlədik, səs verildi, məsələ də öz həllini tapdı. Amma çox təəssüflə deyirəm, bəzi qəzetlərdə, mətbuatda şayiələr yazırlar, regionlarda, bölgələrdə, respublikada bu məsələdən danışılır və hamı da gözləyir ki, buna hüquqi qiymət veriləcək. Qəti imkan tədbirinin tətbiqi ilə bağlı dövlət də, Milli Məclisin üzvləri də öz münasibətlərini bildirməlidir. Milli Məclisin Hüseyn Abdullayevin qanunazidd hərəkətləri hüquqi cəhətdən tam, kifayət qədər əsas verir ki, onun deputat toxunulmazlığına xitam verilməsinə biz, Milli Məclisin üzvləri də səs verək. Mən inanıram ki, bu gün ulu öndərimizin ruhu, aurası nəinki bu salonda, Azərbaycanın üzərində gəzir.
Azərbaycanı hər an, hər zaman xarici dövlətlərdən təhlükə gözləyir. Müəyyən adamlar qruplaşaraq çaşqınlıq, qarşıdurma yaratmaq istəyirlər, ölkə rəhbərliyi də qətiyyətlə bunun qarşısını alır. Milli Məclisdə Hüseyn Abdullayevin əməli də cinayət əməlidir. Onun barəsində respublika prokurorunun təqdimatı da təqdirəlayiqdir. Məsələni bu səviyyəyə çatdıran adam hüquqi cəzasına çatmalıdır. Mən inanıram ki, istintaq orqanları tərəfindən hələ çox qapalı məsələlərin üstü aşılacaq. Bu gün dövlətçiliyimiz əleyhinə təxribat yönümlü qarşıdurma yaratmaq istəyən vətəndaşlar barəsində tədbirlər görüləcəkdir.
Milli Məclisin deputatları burada səsləndirirlər ki, Hüseyn Abdullayevi tanımırlar. Mən onu çox yaxşı tanıyıram. Yenə deyirəm, o da məni yaxşı tanıyır. Bir-birimizi yaxşı tanıdığımız üçün şəxsən mən dəfələrlə onunla söhbətimdə iradlarımı bildirmişəm. Bu adam islah olmur, başa düşmür, düşmək də istəmir, kimlərinsə nəzarəti altındadır. Deputat isə heç kimin təsiri altında olmamalıdır, o, müstəqil, sərbəst olmalı və seçiciləri qarşısında görmüş işlər barədə hesabat verməlidir. Hamı respublikada məni Əhəd Abıyev kimi tanıyır, bəli, Hüseyn Abdullayev də məni tanıyır. Mən bu məsələyə səs verəcəyəm və inanıram ki, mənim siyasi həmfikirlərim də, millətini, xalqını, ailəsini sevən adamlar da buna səs verəcəklər. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, çıxış etmək üçün 32 nəfər də yazılıb. Xahiş edirəm, bir az konkret çıxış eləyin. Mən reqlament qoymadım. Siyavuş Novruzov.
S. Novruzov. Təşəkkür edirəm. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Müzakirə olunan məsələ aydındır və hadisə bizim gözümüzün qarşısında baş verib. Təbii, deputatlar, onların seçiciləri, Azərbaycan ictimaiyyəti təhqir olunub. Deyim ki, hökumət hesabat verdiyi zzaman hansı tərbiyəyə malik olmağımızı göstərmişik. Bunun bir tərəfi də var. Hökumət ildə bir dəfə hesabata gəlir və hesabat vaxtı da biz davranışımıza nəzarət edə bilmirik.
Burada bir neçə adam çıxış etdi. Bu hadisəyə siyasi xarakter vermək istədilər. Bu, sırf xuliqanlıq hadisəsidir. Ona görə də prokurorluq və İntizam komissiyası tərəfindən sənədlər təqdim olunub. Əgər siyasi xarakterlidirsə, ondan əvvəl Müsavat deputat qrupunun üzvlərinin hamısı çıxış edib hökumətin istefasını tələb etdilər. Bu, daha kəskin, daha ağır bir söz idi. Nəyə görə Pənah Hüseynova və onun yanında oturanlara və onların qrupunun digər üzvlərinə nə cəza verildi, nə döyüldülər, nə söyüldülər, nə də təhqir olundular. Müxalifətdən olan digər deputatlar – İqbal Ağazadə, Qüdrət Həsənquliyev və başqaları da hökumətin istefasını tələb etdilər və onun hesabatını qeyri-qənaətbəxş hesab etdilər. Onlara gözün üstündə qaşın var deyən olmadı. Hər kəs fikirlərini deməli və əsaslandırmalıdır. Burada heç bir deputat digərindən üstün deyil. Hamını xalq seçib, hər kəsin bir mandatı var, hər kəsin də bir səsi var, hər kəsin söz demək hüququ var. Nəyə görə kiminsə hüququ pozulmalıdır, kimsə növbədənkənar çıxış etməlidir. Sual üçün də, çıxış üçün də vaxt ayrılır. Zəhmət çək gəl, düyməni bas, çıxışa yazıl. Heç kimə xüsusi səlahiyyət verilməyib ki, burada növbədənkənar çıxış etsin.
Oqtay müəllim, mənim bir təklifim var. Öz fikirlərimi yekunlaşdırandan sonra onu qeyd edəcəyəm. Amerika prezidentləri noyabr ayında seçilir, səlahiyyətlərinə yanvar ayında başlayırlar. İki ay onlara təlim-tərbiyə keçirlər ki, özünü necə aparmalıdır. Burada 15 il, 10 il seçilmiş deputatlar var. Onlara bir təlim-tərbiyə dərsi keçmək lazımdır. Lazımdırsa, xaricdən mütəxəssislər dəvət eləyək, onlara bir öyrətsinlər ki, bura birja deyil, Milli Məclisdir. Birjada qaçırlar, tullanırlar və ilaxir. Milli Məclisdə düyməni sıxıb hər bir şəxs fikrini deyə bilər. Azərbaycan ictimaiyyətinin gözü Milli Məclisə baxır. Kimsə piştaxta arxasından gəlib, o, piştaxta təfəkküründə davrana bilməz. Burada söhbət davranışdan gedir. İndi müxalifətçilər, aydın məsələdir ki, bu hadisəyə siyasi qiymət vermək istəyirlər. Gör onlar bir müəllimin və ya bir başqasının hüququnu müdafiə eləyərlər? Xeyr. Ancaq varlı, korrupsiya ilə məşğul olan, Azərbaycan dövlətindən pul oğurlamış adamları müdafiə üçün sıraya durublar, yumruq davasına çıxıblar. O partiya deyir, mən, bu partiya deyir, mən müdafiə edəcəyəm. Vaxtı ilə bu adamlar həmin partiyaların ünvanına olmazın təhqirli ifadələr işlədiblər. Bu onlara qəbuldur, onlar qəbul edirlər, təki pulu olsun. Təki onlara pul versin. Təki onun yığdığı puldan bunlar bəhrələnsinlər. Budur mexanizm. Burada demokratiyadan, insan hüquqlarından, hansısa dəyərlərdən söhbət getmir. Onlar hansı dəyərlərə xidmət eləyirlər? Siyahı dərc eləyək, görək ki, onlar kimlərin hüquqlarının müdafiəsi ilə məşğul olurlar? Azərbaycanda bir çaxnaşma, qarşıdurma olanda onların bayramıdır. Azərbaycanın inkişafı, tərəqqisi, nailiyyətləri onlar üçün bayram deyil.
Məsələ sırf hüquqidir. Burada yalan informasiya vermək, deputatları aldatmaq cəhdləri var. Kimsə həbs olunubsa, aydındır ki, prokurorluğun qərarı var. Biz icazə vermədən heç bir deputat həbs oluna bilməz. Bu gün Respublika Prokurorluğu bununla əlaqədar təqdimatla çıxış eləyir. O sizin dövrünüz idi ki, qapının ağzında adamları öyrədirdiniz. 1990–1992-ci illərdə Milli Məclisdə ağzı-burnu qansız çıxan adam yox idi. Zərdüşt Əlizadəni, Araz Əlizadəni maşının yük yerində aparan siz idiniz. Pənah Hüseyn, bu prosesə sən rəhbərlik edirdin. Bir qrup arvadı qapının ağzına yığmışdın. Hamını təhqir eləyirdilər, bizim yadımızdadır, burada camaati şantaj eləyirdiniz. Qoçu dəstələriniz parlamentin binasında tapança ilə gəzirdilər ki, bir deputat birdən demokratik bir fikir söyləyər. Bu addımları siz atmısınız. Bunlar bizim gözümüzün qabağında olub. Bizim hərəkətlərimiz hüquqi hərəkətlərdir, hüquqi addımlardır və hüquqa, qanuna söykənir.
Bizim hərəkətlərimiz ondan ibarətdir ki, hər kəs siyasi mənsubiyyətindən asılı olmayaraq qanun qarşısında bərabərdir. Heç kim qanundankənar bir addım ata bilməz. Qanun şahdır və hamı da ona tabe olmalıdır, qanuna uyğun da hərəkət etməlidir. Yoxsa mən seçilmişəm, bir az pulum var, öyrədirdiniz məni dingildədir öyrədirdiniz, yerimdə otura bilmirəm. Bu o demək deyil ki, Milli Məclisdə pulla siyasi çəki eynidir. Siyasi çəki başqa şeydir, pul çəkisi başqa şeydir. Bunu qarışdırmayın. Görünür bəzi adamlar da bu əhval-ruhiyyədə, ruhda, bu fikirdədirlər. Milli Məclisdə çıxış eləməkdən ötrü insanın bir siyasi çəkisi, siyasi savadı, təfəkkürü olmalıdır. Deputat seçildimsə, qaçım, mikrofondan yapışım. Bununla məsələ həll olunmur və törədilən hadisə də məhz bunun bariz nəticəsidir. Sən çıxışa yazılmalısan, yazılmayıbsansa, bir dostdan, yoldaşdan xahiş elə ki, növbəni sənə versin və sair. Bunlar hamısı prosedur qaydada nəzərdə tutulubdur. Sual ver və yaxud möhkəm tənqid elə, istefasını tələb elə. Bunlar deputatın hüququdur. Amma bunun əvəzində onu söy. Kimsə orada danışır, mən gülürəm. Kimə nə aidiyyəti var? Mən məgər orta məktəbdə oxuyuram? Heç kəs burada bir-birinin hüququnu müdafiə eləmir. Hər bir deputatın öz mandatı və çıxış etmək imkanı var və hüququnu müdafiə edir. Məsələni siyasiləşdirməyin. Məsələ sırf hüquqidir. Məsələ hüquq çərçivəsində həll olunmalıdır və bu səpkidə də həll olunacaqdır. Ona görə də, Oqtay müəllim, mən hesab edirəm ki, istər prokurorluğun, istərsə də İntizam komissiyasının atdığı bu addımlar qanuna uyğundur və deputat həmkarlarımı buna səs verməyə çağırıram.
Başqa partiya mənsublarına da deyirəm ki, səs verməyə bilərsiniz, bu sizin hüququnuzdur, çağırış edə bilərsiniz. Bu da sizin hüququnuzdur. Amma məsələyə ədalətlə yanaşın. Öz siyasi baxışlarınız və ara qatışdırmaq nöqteyi-nəzərindən danışmayın. O ki qaldı Yeni Azərbaycan Partiyasına, onun heç bir məsələsi burada müzakirə olunmur. Yeni Azərbaycan Partiyası Heydər Əliyev, İlham Əliyev siyasi xəttini, Azərbaycan iqtidarını dəstəkləyən, Azərbaycan iqtidarında təmsil olunan bir partiyadır. Azərbaycanda həyata keçirilən bütün nailiyyətlərdə, bütün işlərdə bilavasitə iştirak edən və rolu olan bir partiyadır və siyasi mübarizəni də açıq, aydın, sivil formada aparıb, indi də onu davam etdirir. Sadəcə olaraq, bu gün Azərbaycanda Yeni Azərbaycan Partiyasına alternativ bir partiya yoxdur, gələcəkdə də olmayacaq və sizi yandıran da məhz bu məsələdir. Sizin kimi təmsilçiləri olanlardan heç cür normal partiya formalaşdırmaq mümkün deyil. Sağ olun.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, mən görürəm, hamı 10 dəqiqə danışır. Yazılan çoxdur. 5 dəqiqə reqlament müəyyən edək. Etiraz yoxdursa, səsə qoyaq.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Reqlamenti 5 dəqiqə müəyyən edək. İkram İsrafilov.
İ. İsrafilov. Təşəkkür edirəm. Hörmətli Oqtay müəllim, hörmətli sədarət, hörmətli həmkarlarım, dəyərli media mənsubları! Mən də fürsətdən istifadə edib qarşıdan gələn əziz Novruz bayramımız münasibəti ilə bütün xalqımızı sizlərin timsalında təbrik edirəm. Bu ilin uğurlu bir il olmasını həm iqtidara, həm də müxalifətə arzu edirəm.
Hörmətli Oqtay müəllim, həmin insident baş verən zaman bu salonda əyləşənlərin hər birinin və hörmətli media mənsublarının bu prosesləri yaxından izləmək imkanları olmuşdur. Mənim, açığı, çıxış etmək fikrim yox idi və çıxışımda deyəcəklərimin bir çoxunu hörmətli Pənah bəy və Nəsib bəy dedilər. Ancaq Hüseyn Abdullayevlə bağlı bunları deyərəm. 2002-ci ilin parlament seçkiləri öncəsi 12 sentyabr mitinqində Hüseyn Abdullayevin qoçu dəstələri məni elə günə salmışdılar ki, mən bir həftə xəstəxanada yatmışdım. Onda dəfələrlə müraciət etməyimə və ünvanlarının, adlarının məlum olmasına baxmayaraq, şikayətimə əhəmiyyət verilməmişdi. Ancaq Milli Məclisin iclasındakı hadisələrdən sonra Fəzail Ağamalını, demək olar, dörd-beş dəfə Milli Məclisdə və yeməkxanada gördüm. Onun alnında mən nə deşik, nə yara, nə də əzik gördüm. Açığı, özündən də soruşdular ki, bəlkə ağrıyan yerin var? Dedi ki, yox, heç nə olmayıb.
Mənim Hüseyn Abdullayevi bu gün müdafiə etmək fikrim yoxdur. Ancaq Hüseyn Abdullayevin yaxşı əməlləri barədə məlumatlarım var. Xüsusi olaraq bu gün onun mandatının alınması ilə bağlı narahatlığımı ifadə etmək qərarına gəldim. Hamımızın gözü qarşısında Hüseyn Abdullayev hökumətin hesabatına münasibətini öz xarakterinə uyğun şəkildə ifadə etmək istədi, onu bir nağıl adlandırdı. Bunlar hamısı Hüseyn Abdullayevin haqqıdır, hüququdur, bir deputat kimi bunları deyə bilər. Ancaq, əlbəttə, burada hər birimizin çıxışına kimsə müdaxilə eləyəndə istər-istəməz biz də reaksiya veririk. İndi müxtəlif fikirlər səslənir ki, öncədən hazırlanmış plan əsasında belə bir hadisə olub. Bu fikrə Hüseyn Abdullayevin mətbuata verdiyi bəyanatda da rast gəlinir. Amma yenə deyirəm, məndə olan və mətbuatdan aldığım məlumata görə rəhmətlik Heydər Əliyevin ən etibar etdiyi insanlardan biri Hüseyn Abdullayev olub. Bunu Naxçıvanda mətbuat qarşısında ifadə eləyib. Nə oldu ki, hakimiyyətin nümayəndələri Hüseyn Abdullayevin xidmətlərini bir gün içərisində yaddan çıxardılar? Əziz bayramımız ərəfəsində onun haqqında belə qəddar bir qərarın qəbul olunması nə dərəcədə humanizmdən, demokratik dəyərlərdən irəli gələn məsələdir?
Mən hörmətli Yeni Azərbaycan Partiyasının burada iştirak edən hər bir üzvünə və ölkə başçısına müraciət edirəm ki, bu məsələni hüquq müstəvisində həll olunmasına çalışsınlar. Yeni Azərbaycan Partiyasının burada əyləşən üzvləri içərisində dəyərli insanlar var. Müsbət keyfiyyətləri özündə daşıyan insanlar az deyil və mən inanıram ki, bu insanlar məsələyə insani hisslərlə yanaşarlar. Hüseyn Abdullayevin söyüş işlətməyini onun ciddi səhvi kimi qiymətləndirməklə bunun Milli Məclisin Daxili Nizamnaməsi çərçivəsində həll edilməsinə nail olmağı mümkün hesab etmək olardı. Yenə qeyd edirəm, Hüseyn Abdullayev Fəzail Ağamalını bayıra dəvət elədi ki, iclas salonunda xoşagəlməz bir hadisə baş verməsin. Bu, müşahidə olundu. Bunu biz ekranlardan da izlədik və hər biriniz də bunu gördünüz. Ancaq Fəzail Ağamalı çatan kimi Hüseyn Abdullayevə sillə atdı və bunun...
Sədrlik edən. İltizam Əkbərli.
İ. Əkbərli. Təşəkkür edirəm, cənab Sədr. Əvvəla, mən də baş verən hadisələrdən təəssüfləndiyimi bildirirəm. Hesab edirəm ki, biz mümkün qədər belə hadisələrin parlament salonunda baş verməsinə imkan verməməliyik. Ancaq baş vermiş hadisəyə görə fövqəladə iclas çağırılmasını və gündəliyə belə bir məsələ salınması zərurətini başa düşə bilmədim. Mən, ümumiyyətlə, baş verənlərə belə ciddi reaksiya bildirilməsinin tərəfdarı deyiləm. Ancaq fövqəladə iclas çağırılıbsa, onun gündəliyi ilə bugünkü məzmunda başqa formada məsələ qoyulmalı idi. Daha doğrusu, gündəliyə qoyulan məsələ məlum hadisəni yaradan səbəblərin araşdırılması və gələcəkdə belə hadisələrin baş verməsinin qarşısının alınması məqsədinə xidmət etməli idi. Ona görə də bugünkü iclasın gündəliyinə belə məzmunda məsələnin çıxarılmasına qəti etirazımı bildirirəm.
Hadisə keçən iclasda hamımızın gözü qarşısında baş vermişdir. Millət vəkili Hüseyn Abdullayevin dedikləri, toxunduğu məsələlər biz deputatları daim narahat edən məsələlər olduğundan şəxsən mən onun qaldırdığı məsələləri müdafiə edirəm. Bildirirəm ki, mənə söz verilsəydi, mən də nazirlərin işini çox ciddi tənqid edərək deputatları Nazirlər Kabinetinə etimadsızlıq göstərməyə çağıracaqdım. Bu, məsələnin bir tərəfidir.
Digər tərəfdən, “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Qanunun verdiyi səlahiyyətlərdən bütün deputatlar, o cümlədən Hüseyn Abdullayev istifadə edərək onu narahat edən məsələni istənilən vaxt burada qaldıra bilər. Onun çıxışına, bu çıxış icazəli və ya icazəsiz olmasından asılı olmayaraq ancaq iclası aparan şəxs müdaxilə edə bilər. Əksinə, digər deputatların yerdən özbaşına olaraq çıxışlara müdaxiləsini mən yolverilməz hesab edirəm. Keçən bir il müddətində biz deputatların çıxışlarına belə qanunsuz müdaxilələrin çox şahidi olmuşuq və dəfələrlə bu vəziyyəti aradan qaldırmaq üçün burada çıxışlar etmişik. Əgər vaxtında bizim çıxışlara reaksiya verilsəydi, çıxışlara yerdən olan müdaxilələrin qarşısı alınsaydı, bəlkə də belə hadisələr olmazdı. Hamı gördü ki, məhz deputatın çıxışına özbaşına müdaxilə və buna loyal münasibət bu hadisənin törədilməsi ilə nəticələndi. Belə olan halda, hesab edirəm ki, siz bugünkü müzakirələri aparıb gözlənilən qərarı verməklə vaxtı ilə tətbiq edilən çox təhlükəli bir praktikaya yenidən rəvac verəcəksiniz. Belə çıxır ki, iqtidar tərəfi özünə sərf etməyən deputatları sıradan çıxarmaq üçün istənilən vaxt özünə yaxın deputatların vasitəsi ilə oxşar hadisə törədib həmin deputatların mandatını əlindən ala bilər.
Azərbaycan parlamentində hamıya bəlli olan çoxluq vardır və bu səbəbdən mən qeyd etdiyim təhlükəni çox real və ziyanlı hesab edirəm. Bu praktikaya yenidən əl atılmasını deputatların hüquqlarının tamamilə məhdudlaşdırılması, Milli Məclisin formal bir quruma çevrilməsi cəhdi kimi qiymətləndirirəm. Əgər alternativ fikir deyən və ya öz fikrini sərbəst ifadə edən hər bir deputat cəzalandırılacaqsa, özü də sərt formada cəzalandırılacaqsa, bu bizim ölkəyə baş ucalığı gətirməyəcək, əksinə, onu daha da nüfuzdan salacaqdır. Budurmu müstəqil parlament? Budurmu demokratik idarəçilik? Hörmətli deputatlar, bugünkü oyuna gedib dünyanı bizə güldürmək lazım deyil. İndi dünyada elə bir ölkə tapmaq çətindir ki, arzu olunmaz olsa da, onların parlamentlərində bu və ya digər şəkildə belə hadisələr baş verməsin. Deputat əsəbiləşə də, səhvlərə də yol verə bilər. Ancaq ilk dəfə belə səhvə görə ən sərt cəza tədbirinə əl atılmasını mən yolverilməz hesab edirəm. Sağ olun.
Sədrlik edən. Hörmətli İltizam müəllim, bu iclasın gedişatını hamı görür. Yəni iclası mən normal idarə eləyirəm, iclasın idarə olunması qaydasını bilirəm. Amma çıxışlara müdaxilə eləyənlərin əksəriyyətini hamı burada tanıyır. Kim müdaxilə eləyir? İndiyə kimi iclasa müdaxilə eləyən olub? Hamı müdaxilədən danışır. Buna siz artıq siyasi şəkil vermək istəyirsiniz. “Hökuməti söydüyünə görə deputatın sözünü kəsdilər”. Ona heç kim söz də verməmişdi. Sualı vardı, sual üçün soz verilmişdi. Xahiş edirəm, çıxış edərkən diqqətli olun. Burada oturanlar hamısını görürlər. Ziyafət Əsgərov.
Z. Əsgərov. Sağ olun. Hörmətli cənab Sədr, hörmətli deputat həmkarlarım! Əvvəla, mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Biz Milli Məclisin fövqəladə iclasını keçirmirik. Milli Məclisin növbədə olan iclaslarından biridir. Yaz sessiyamız başlayıb növbəti iclas keçiririk. Buna xüsusi, fövqəladə hal vermək tamamilə yersizdir. Prokurorluğun təqdimatında konkret olaraq cinayət tərkiblərinə görə Hüseyn Abdullayevin deputat toxunulmazlığının ləğv edilməsi haqqında xahiş qoyulur. Amma müxalifətdən olan deputatlar istər-istəməz məsələni siyasi yönə çəkirlər. Burada heç bir siyasət yoxdur və ola da bilməz. Siz deyirsiniz ki, guya Hüseyn Abdullayev hökuməti təhqir etdiyinə, hesabatına nağıl dediyinə görə onu cinayət məsuliyyətinə cəlb eləyirlər. Baş prokurorun təqdimatında təhqirə görə maddə yoxdur. Cinayət Məcəlləsində təhqirə görə ayrıca maddə var. Söhbət Cinayət Məcəlləsində müəyyən olunmuş konkret hüquqi tərkiblərdən gedir. Xuliqanlıq və adam döymə. Cinayət Məcəlləsinin bu iki maddəsinə müvafiq olaraq Hüseyn Abdullayevin əməlinə prokurorluq qiymət verib deyir ki, onun deputat toxunulmazlığına xitam verilməlidir.
Burada bir məsələyə də mən aydınlıq gətirmək istəryirəm. Bu gün mənə deyirlər, qəzetlərdə də yazırlar ki, guya Hüseyn Abdullayev artıq həbs olunubdur, o, deputat mandatından məhrum edilib. Bilirsiniz, bu qədər nihilist çıxışları ya qəsdən eləyirlər, ya da cəmiyyətdə çaşqınlıq salmaq istəyirlər. Məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan deputatı heç kim mandatdan məhrum edə bilməz. Bu gün biz onun toxunulmazlığı məsələsini ortaya qoymuşuq, onun mandatdan məhrum edilməsi məsələsini yox. Ola bilsin, prokurorluq istintaq aparacaq, vəziyyəti aydınlaşdıracaq, nəticəni ancaq məhkəmə deyə bilər. Bunu nə Milli Məclis, nə də prokurorluq deyə bilər. Ona görə mən deputat həmkarlarımdan xahiş edirəm, bu məsələdə kütləvi informasiya vasitələrinə dezinformasiya buraxmasınlar və həqiqəti olduğu kimi qeyd etsinlər.
O ki qaldı məsələnin mahiyyətinə, burada Amerika açmaq lazım deyil, hadisə hamının gözünün qarşısında olubdur. Mən də hesab edirəm, bayaq hörmətli həmkarım tamamilə düzgün olaraq qeyd etdi ki, Milli Məclisdə oturan hər bir şəxs yüksək mənəvi əxlaqi keyfiyyətlərə malik olmalıdır. Burada bizim ağsaqqallarımız, analarımız, bacılarımız, alimlərimiz əyləşiblər. Millətin say-seçmə oğulları burada oturubdur. İndi çıxaq, üzr istəyirəm, hərə bir söyüş söysün. Olmaz, yaraşmaz bizə. Baş prokuror konkret olaraq burada xuliqanlıq tərkibi görüb. Bəli, ictimai qaydanı kobud sürətdə pozma, cəmiyyətə açıqca hörmətsizlik etmə. Cinayət Məcəlləsinin 122-ci maddəsində xuliqanlıq kimi tövsif edilib. Burada qeyri-adi nə var? Burada siyasət axtarmağa dəyərmi? Tamamilə düz deyir Siyavuş müəllim. Bir balaca imkanlı adam cinayət məsuliyyətinə cəlb olunarkən yas qururlar. Onlardan pul qopartmağa çalışırlar. Ayıbdır. Mən, sadəcə, başa düşə bilmirəm. Bu söhbətləri yığışdırmaq lazımdır. Hesab edirəm ki, Baş prokurorluğun bizə göndərdiyi təqdimata müsbət münasibət bildirmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.
Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Bir dəqiqə, Pənah bəy, Siz çıxış etdiniz. Bir-birimizə hörmət edək. Sizin sözünüzü kəsmədilər, söz verildi, danışdınız. Əkrəm Əylisli.
Ə. Əylisli. Necə vaxtdır ki, bu Milli Məclisin işində iştirak edirəm və müşahidə aparıram. Hələ indiyəcən Milli Məclisin işi barədə hər hansı bir pessimist fikirdə olmamışam, çünki burada hətta müxalifətin ən kəskin fikirlərini əks etdirən çıxışlar da məndə heç vaxt heç bir qorxu yaratmır. Bu çıxışlarda Azərbaycan dövlətçiliyini silkələmək cəhdi, ciddi şəxsi mənfəət udmaq, qazanmaq niyyəti görməmişəm. Milli Məclisin işini, Milli Məclisdə hökumətin fəaliyyətini tənqid eləyən və yaxud başqa tənqidi fikirlər söyləyən deputatların fikirlərinin əksəriyyətini sağlam görmüşəm. Azərbaycan xalqının gələcək daha dürüst sağlam inkişafına qayğı şəklində görmüşəm və buna sevinmişəm. Milli Məclis, əlbəttə, bir fikrin ifadəçisi ola bilməz, Milli Məclis çox fikirli bir qurumdur. Çox fikri olmayan bir parlament yer üzündə mümkün deyil.
Baş verən hadisəyə gəldikdə mən deməliyəm ki, bu hadisə hamı kimi mənə də çox ağır təsir eləyir, amma birdən-birə belə bir qərarın verilməsi… Əgər həmin deputat buna oxşar bir hadisəni bir vaxt eləmiş olsaydı, belə bir tərbiyəsizliyə, yəni söyüş söyməyə yol vermiş olsaydı ikinci dəfə belə bir qəti, ağır, kəskin qərar vermək bəlkə də yerinə düşərdi. Hüseyn Abdullayev cavandır. Fəzail Ağamalı ondan yaşlıdır. Əgər hövsələsizlik olubsa, bu hövsələsizlikdə bir tərəfi, məncə, təqsirləndirmək bir o qədər də ədalətli olmaz. Biz Milli Məclisdə hər şeyin qayğısına qalırıq, amma mənə elə gəlir ki, ictimai rəydə Milli Məclisin nə dərəcədə sağlam şəkildə qəbul olunmasına bir o qədər də ciddi əhəmiyyət vermirik.
Nədənsə bizə elə gəlir ki, bu rəy dərk elədiyimiz, gördüyümüz, daha doğrusu, görmək istədiyimiz şəkildədir. Amma ictimai rəy tamam başqadır. Mən inanmıram ki, bu tədbir ictimai rəydə Milli Məclisə hörmət qazandırar. Özü də deyəcəklər ki, hökuməti tənqid elədiyinə görə belə qərar verildi, çünki hökumətdən narazı olanlar çoxdur. Hökumət qanı sızan problemlərin bir çoxunu, təcili həll eləməli problemləri həll eləyə bilmir, ya zoru çatmır.
Misal üçün, mən sizə elementar həqiqəti deyəcəyəm. Bütün kəndlərimiz köçüb gedir. Kənddə yaşayan insanlar bir arvad alıb anasının yanına qoyur, gedir Moskvaya alverə. Gedib orada əxlaqsızlıqla məşğul olur. Sonra arvadının yanına gəlir, ildə bir dəfə çörək gətirir. Bu məsələlər qanı sızan məsələlərdir. Bunların qarşısı təcili surətdə alınmalıdır. Bunu hökumət eləməlidir. Əgər insanlar bu hökumətin ünvanına hər hansı bir tənqidi fikir deyirlərsə, bu tənqidi fikir deyilməlidir.
Ancaq bu hadisəyə bir daha münasibətimi bildirirəm. Mən bu Milli Məclisin çox gözəl idarə olunduğunu görürəm. Hərdən Oqtay müəllimin işinə qarışanlar olur. Öz yerini isti salmaq və yaxud özünə nə isə xal yığmaq üçün hətta onun da səlahiyyətlərinə müdaxilə eləyirlər və tez kiməsə qarşı hücuma keçirlər. Mən Milli Məclisdə hücuma keçiləsi insan görmürəm. Burada oturan insanlar Azərbaycan xalqını düşünən, bu millətə xidmət eləmək istəyən insanlardır. Bir də, 1990-cı illər qurtarıb. Azərbaycan dövləti qüdrətli bir dövlətdir. Bu dövləti heç kəs, heç nə ilə laxlada bilməzlər. Yəni hər hansı bir çıxış Azərbaycan dövlətinə indi nə edə bilər?
Sədrlik edən. Çox sağ olun, Əkrəm müəllim. Elmira Axundova.
E. Axundova. Mən Milli Məclisdə baş verən hadisəni pisləyir, onu mənfi qiymətləndirirəm. Hüseyn Abdullayev düz hərəkət eləməyib və şəxsən bizi, xanımları bu hərəkətlər sarsıdıb. Bilirsiniz, mən ömrümdə çox şeylər görmüşəm. Müharibə vaxtı cəbhə bölgələrində gəzmişəm, od-alov, atışma altında müsahibələr götürmüşəm. 4 oktyabr və 17 mart hadisələrində birincilər sırasında Heydər Əliyevin yanında olmuşam. Mən heç vaxt qorxmamışam. Amma mən o gün qorxmuşam, qəhər məni boğmuşdu, indi də qorxuram. Mən qorxuram ki, biz tələsək, düzgün qərar qəbul etməyək. Mən sizin hamınızı bu gün qəti qərar qəbul etməməyə çağırıram. Hər halda Hüseyn Abdullayevi xalq seçib, ona etimad göstərib və xalqın əziz bayramı olan Novruz bayramı ərəfəsində tərəfimizdən belə sərt qərar verilməsi seçicilər tərəfindən də birmənalı qarşılanmayacaq. Mən Hüseyn Abdullayevin hərəkətinə haqq qazandırmaq istəmirəm. Amma mənə elə gəlir ki, biz bu məsələni parlament daxilində də müzakirə edə bilərdik. Biz bir ailəyiksə, öz qərarımızı özümüz verə bilərdik. Axırıncı xəbərdarlıq verə, tənbeh edə bilərdik. Amma deputat toxunulmazlığından məhrum etmək, məncə, çox sərt qərardır. Novruz bayramı ərəfəsində, bilirsiniz ki, insanlar adətən, bir-birini bağışlayır, barışırlar, səhvlərini etiraf edirlər və biz də səhvləri bağışlamağı öyrənməliyik.
Burada düz deyilir ki, başqa parlamentlərdə də, elə bizim parlamentdə də vaxtı ilə buna oxşar hadisələr baş vermişdir. Biz televiziya ilə bunları izləmişdik. Amma buna görə heç kim onları deputat toxunulmazlığından məhrum etməyib. Mən nə təklif edirəm? Təklif edərdim ki, Hüseyn Abdullayevin hərəkəti pislənsin, bu barədə qərar qəbul eləyək. Biz onu Milli Məclisə çağırıb ondan xahiş edək ki, Milli Məclisdən və hökumət nümayəndələrindən üzr istəsin, yəni ona bir şans da verək. Əgər hamının qarşısında üzr istəməyi rədd edərsə, bizi eşitməsə, onda biz daha sərt ölçü götürə bilərdik. Yenə deyirəm, mən Hüseyn Abdullayevin hərəkətlərini pisləyirəm, hətta demək istəyirəm ki, onunla nə şəxsi dostluğum, nə də şəxsi münasibətim var. Əksinə, mənim onunla bir ilə yaxındır ki, toqquşmam gedir, o bilir nəyə görə. Mən bu barədə dəfələrlə yüksək instansiyalara, hətta Prezident Aparatına, İlham müəllimə də müraciət eləmişəm. Mənim və Rəsul Rza küçəsində yaşayan bir sıra sakinlərin onunla toqquşması olub. Həmin toqquşma davan edəcək, amma bununla bərabər hamınızı tələsməməyə çağırıram, çünki bu birinci dəfədir. Doğrudan da, o birinci dəfədir belə hərəkət edir. Bilirsiniz, o, çox emosional adamdır, mən onu izləyirəm. Emosional və rus demişkən “neurovnoveşannıy” bir adamdır və mən istəməzdim ki, doğrudan da belə adamlar millət vəkili seçilsinlər.
Mən istəməzdim ki, onun kimi emosional adamlar millət vəkilləri olsunlar. Amma onu kimsə seçib, onu xalq seçib. Bizim Milli Məclisdə belə adamlar az deyil. Mən istərdim ki, seçilməzdən qabaq millət vəkilləri bu barədə fikirləşsinlər. Gələcəkdə belə hallar olmasın, deyə mən çox istərdim ki, seçkilər ərəfəsində millət vəkilliyinə namizədlər xüsusi tibb komissiyasından keçsinlər və sağlamlıq haqqında arayış alsınlar. Bizim seçkilərimizdə bunlar olmayıb, təəssüflənirəm. Ona görə də biz belə hərəkətləri izləmişik və mənə elə gəlir ki, izləyəcəyik, parlamentdə biz buna dözməliyik. Bu, siyasi hadisə deyil və mən bunu siyasi hadisə kimi qələmə vermək istəməzdim. Sadəcə olaraq, mən bir qadın kimi xahiş eləmək istərdim ki, biz mərhəmətli, bir az dözümlü olaq. Onu birinci dəfə bağışlayaq və gəlsin, burada, hamımızın qarşısında xalqdan, bizdən üzr istəsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Siz zəmanət verə bilərsiniz ki, bu, təkrarlanmayacaq? Bəs onda niyə hamının adından danışırsınız? Rəbiyyət Aslanova.
R. Aslanova. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən sözümü vacib bir fikirlə başlamaq istəyirəm. Kimlərəsə qanun lazımdır, kimlərəsə xaos. Bu gün burada səslənən fikirlərdən aydın olur ki, doğrudan da, kimlərəsə hələ xaos lazımdır. Kimlərəsə Millim Məclisdə çaxnaşma, özbaşınalıq lazımdır. Buna birdəfəlik son qoymaq lazımdır. Bəli, vaxt var idi ki, Milli Məclisdə, doğrudan da, əlbəyaxa döyüşlər olurdu. Bu dövr çoxdan keçmişdir və biz imkan verməyəcəyik ki, Milli Məclisdə pis bir ənənənin əsası qoyulsun. Burada çox maraqlı çıxışlar var. Vaxtı ilə hüquqları Hüseyn Abdullayev tərəfindən pozulmuş insanlar onun müdafiəsinə qalxırlar və nəinki müdafiəsinə qalxırlar, onu bir siyasi fiqur, siyasi ekspert kimi nəzərə çatdırmaq istəyirlər. Hüseyn Abdullayev hökuməti də, bizi də təhqir edib. 125 deputatın hər birinin ləyaqət və şərəfinə toxunan sözlər deyib. Yəni bunları qəbul etməliyikmi?
Düzdür, Ziyafət müəllim dedi ki, Fəzail Ağamalı ilə əlaqədar hərəkətləri xuliqanlıqdır. Mən buna bizim şərəf və ləyaqət hissimizin təhqir olunmasını da əlavə edilməsini tələb edirəm. Bəziləri deyirlər ki, gəlin, humanist olaq. Artıq humanizm nə verəcək? Bəli, zəmanət yoxdur ki, sabah bundan ruhlanan bir başqası da ayağa qalxıb bir başqa söz deyənin, mənafeyinə toxunan söz deyənin başına bir zərbə endirməyəcək. Buna görə də mən hesab edirəm ki, bir prinsipi əsas götürmək lazımdır. Siyasətdə ən son liman əxlaqdır və əxlaqsız deputatı əxlaq prinsiplərinə, kodeksinə riayət etməyən deputatın millət vəkili olmağa haqqı yoxdur. Mən bunu bu cür ifadə edirəm.
Mən çox təəssüf edirəm ki, Əkrəm Əylisli buradan çıxdı. Onun sözlərində bütün millətin təhqiri var idi. Deyir ki, xaricdə olan azərbaycanlılar əxlaqsızlıqla məşğul olub geri qayıdırlar. Mən yenə deyirəm, əxlaq, davranış prinsiplərinə riayət etmək hər bir deputatın borcudur. Başqa ölkələrdə şərab kodeksi hazırlanır, əxlaq və davranış qaydaları ilə əlaqədar qanunlar qəbul olunur. Biz bu gün nədən danışırıq? Gəlin bağışlayaq, bayram qabağıdır və sair. Əziz həmkarlarım, bu mühitdə yaşamaq və işləmək istəmirik. Əkrəm Əylisli Milli Məclis haqqında formalaşan rəyi səsləndirdi. Mən deyirəm, Əkrəm Əylisli, kənarda bu rəyləri formalaşdıran sizin kimi və bizim müxalifət kimi insanlardırlar. Əgər parlamentin, dövlətçiliyin şərəfi Sizin üçün əzizdirsə, zəhmət çəkin, özünüzü burada deputat statusuna uyğun aparın. Bir-birimizə hörmətlə, bir-birimizi anlayaraq və Azərbaycan Milli Məclisinin şərəfini yüksək tutaraq hərəkət etməliyik.
Mən İnsan hüquqları daimi komissiyasının sədri kimi hesab edirəm ki, Milli Məclisdə normal iş mühitinin formalaşması üçün çox düzgün qərar qəbul olunub. Hüseyn Abdullayevin deputatlıq toxunulmazlığına xitam verilməsi düzgün qərardır. Mən bunu qəbul edirəm, buna səs verəcəyəm və hesab edirəm, bundan sonra belə bir insidentin olmaması üçün, belə bir ənənənin yaranmaması üçün bu lazımdır.
Bir cəhəti də qeyd edək. Bu gün sosial attestasiya keçirilir. Bizim hər addımımız, hər sözümüz insanlar tərəfindən diqqətlə izlənilir, bizim haqqımızda qəribə rəy yaranır. Əgər bu gün biz onu bağışlasaq, başını sığallasaq, bir cəzasızlıq mühiti yaratsaq, onda adi vətəndaş nə fikirləşər? Fikirləşər ki, deputatlar əgər özləri öz hüquqlarını qoruya bilmirlərsə, özlərinə hörmət edə bilmirlərsə, onda mənim hüquqlarımı necə qoruyacaqlar? Bunun haqqında fikirləşmək lazımdır. Bura qanunun məbədidir. Burada insanlar qanunun aliliyini hər şeydən üstün tutmalıdırlar və belə hərəkətlərin olmasına imkan verməməlidirlər. Hörmətli Oqtay müəllim, mən hesab edirəm ki, mənim həmkarlarım da öz hüquqlarını çox gözəl bilirlər. Öz şərəf və ləyaqətlərini qorumaq iqtidarındadırlar. Buna görə də bu məsələnin müsbət həllinə səs verəcəklər.
Sədrlik edən. Çox sağ olun. Cavid Qurbanov.
C. Qurbanov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən buraya 20 Yanvar və Bakının çıxacağında yeni bir körpünün və tunelin açılışından gəlirəm. Birinci, həmin açılışla bağlı, Novruz bayramı münasibəti ilə də hamınızı təbrik edirəm. Burada hökumətin hesabatına nağıl deyən adamlar getsinlər həmin körpüyə və tunelə baxsınlar ki, hökumətin hesabatı nağıl deyil, əməldir. Bu birinci.
İkinci, burada bizi təhqir ediblər. Mən hesab eləmirəm ki, həmin sözlər təkcə bir nəfərin ünvanına söylənmişdir. Mən başa düşmək istəyirəm, Hüseyn Abdullayevin məndən nəyi artıqdır? Nəyə görə o məndən yüksəkdə durub? Əgər Azərbaycan dövlətçiliyinə xidmətdirsə, burada hər birimizdən söhbət gedir. Dövlətə xidmət edirik. Vətənə xidmətdirsə, vətənə xidmət edirik. Mən qaçqın rayonunu təmsil edirəm. Öz ailəmdən 16 şəhid vermişəm. Onun içində başı kəsiləni, ürəyi çıxarılanı, diri-diri yandırılanı var. Mən qaçqınların qarşısında cavab verməliyəm. Əgər Milli Məclisimizdə həm millətin, həm də hökumətin ünvanına belə ədəbsiz sözlər söylənilirsə, biz hara gedirik? Çox hörmətli yazıçımız deyir ki, bizim millət gedib xaricdə əxlaqsızlıqla məşğuldur. Niyə bizim millətimiz əxlaqsızdır? Bəzi adamlar əxlaqsız, tərbiyəsizdirlər. Bəzi sözləri danışırlar və sonra deyirlər ki, filan olub. Siyasətə döndərmək lazım deyil. Sadəcə, bu bir tərbiyəsiz söhbətdir. Üzr istəyirəm bu sözlərə görə. Sadəcə, xalqı təhqir etmək deməkdir, oturanların hamısını təhqir etməkdir.
Fəzail Ağamalının əvəzinə ayrı bir adam ola bilərdi, ona cavab versin. Bura dəlixana deyil ki, kim dəlidir, getsin başını müalicə etdirsin. Bura Milli Məclisdir. Burada hamı öz sözünə sərhəd qoymalıdır, hamı öz növbəsini gözləməlidir. Burada xanımlarımız var. Mən hesab edirəm ki, deputat seçilən xanımlarımız Azərbaycanın ən ləyaqətli xanımlarıdırlar. Onların yanında bu sözləri işlətmək nə deməkdir? Hesab edin ki, üzr istəyirəm sizdən, bu sözlər sizin əzizlərinizin, ailənizin yanında işlənmiş olardı. Nə reaksiya verərdiniz, ay kişilər? Ona görə də mən Baş prokurorun təqdimatını düzgün hesab edirəm və ona səs verməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. İqbal Ağazadə.
İ. Ağazadə. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxış edənlərin hamısına diqqətlə qulaq asdım və hesab edirəm ki, baş verən hadisəni heç kim etik normalara uyğun, Milli Məclisin səviyyəsinə yaraşan bir hərəkət hesab etmir. O cümlədən mən də hesab edirəm ki, Azərbaycanın Milli Məclisində bu cür hadisələr olmamalıdır, amma baş verən hadisəyə hüquqi qiymət verilməsinə tərəfdaram.
Azərbaycan Respublikası Baş prokurorunun təqdim etdiyi sənəd hadisənin mahiyyəti ilə adekvat deyil və hadisələri təhrif edir. Azərbaycan Respublikasının Baş prokuroru öz təqdimatında yazır ki, Hüseyn Abdullayev Fəzail Ağamalının üzərinə hücum çəkdi. Mənəvi normalardan, hüquqdan, seçicilərimiz qarşısında cavabdehlikdən danışan millət vəkillərimiz bir məsələni də nəzərə almalıdırlar. Bütün ekranlarda, təkcə Azərbaycanda yox, xaricdə də nümayiş olunan kadrlarda Fəzail Ağamalının Hüseyn Abdullayevin üzərinə getdiyinin şahidi olmamışıqmı? Bəs onda seçicilərimizə bununla bağlı nə cavab verəcəyik?
Mən bir daha məsələnin hüquqi tərəfinə qayıdıram. İlk növbədə onu qeyd edim ki, Hüseyn Abdullayevin hərəkətlərinin Azərbaycan Cinayət Məcəlləsinin həmin maddələrinə nə dərəcədə uyğun olduğunu mən təftiş edə bilmərəm, amma Hüseyn Abdullayevin hərəkətlərində həmin addım varsa, Fəzail Ağamalıda da var. Sadəcə olaraq, qanun birinə müdafiə olunan, digərinə isə hücum edən tərəf kimi qiymət verməlidir. Hər iksinin Cinayət Məcəlləsi qarşısında məsuliyyəti də eynidir. Nədən məsələ onda bu şəkildə qoyulur?
Məndən əvvəl çıxış edən müxalifətdən olan deputat həmkarlarımın bir qismi dedi ki, biz Hüseyn Abdullayevi tanımırıq. Mən şəxsən tanımıram və ümumiyyətlə, Milli Məclisin daha çox siyasi olmasına, siyasətçilərin Milli Məclisdə olmasına tərəfdaram. Amma fakt budur ki, Hüseyn Abdullayev buradadır. İndi deputat həmkarlarımız deyirlər ki, Hüseyn Abdullayev kimilərinin Milli Məclisdə olması yaramaz. Bunu seçki dönəmində onu müdafiə edən və onun seçilməsinə şərait yaradan hökumət daha çox düşünməli idi. Əgər bu hadisə baş veribsə, indi ona, hadisənin özünə hüquqi qiymət verməyin tərəfdarı olmaq lazımdır. Sabah analoji hadisə hər hansı bir millət vəkilinin də başına gələ bilər. Heç Milli Məclisin salonunda yox, sadəcə olaraq, küçədə 3 adam millət vəkilini hər hansı bir formada təhqir eləyə bilər. Millət vəkilinin də əsəbləri dözməz və ya millət vəkili kimi isə təhqir eləyər, vurar və millət vəkilinin toxunulmazlıq hüququ götürülə bilər və o, həbs oluna bilər.
Hadisənin dünya parlamentlərində kifayət qədər analoqları var. Biz araşdıraq, görək dünyada belə hadisələrə reaksiya necə olub? Dünən ANS-də bu hadisəyə oxşar hadisələri göstərdilər. Bundan daha dəhşətlisi Yaponiyada, bizdən qat-qat irəlidə olan və dünyada önəmli bir yer tutan ölkənin parlamentində baş verib. Buna münasibət necə olub? Qonşu Gürcüstanda, Ukraynada, Rusiyada baş verən hadisələrə, həm də dünyanin aparıcı dövlətlərində hansı reaksiyalar olub? MDB ilə müqayisə eləyirəm.
Əgər Fəzail Ağamalı bununla bağlı şikayət veribsə, onda mənim iki sualımın Respublika Prokurorluğu tərəfindən cavablandırılmasını istəyirəm. Birinci, hansı şahidlər ifadə veriblər? Şahidlər ifadədə doğrudanmı Hüseyn Abdullayevin hücum çəkdiyini qeyd eləyiblər? İkinci, Fəzail Ağamalının mətbuata verdiyi mühasibədə “mən heç bir xəsarət almamışam və həkimə müraciət etməyəcəyəm” bəyanatı var. Bəs hansı şəraitdə və hansı vaxt həkimdən, tibbi ekspertizadan rəy alıb? Çox sağ olun.
Sədrlik edən. Sağ olun. Tibbi ekspertiza haqqında çox deyirlər. Bahar Muradova.
B. Muradova. Təşəkkür edirəm, cənab Sədr. Əlbəttə, Azərbaycanın əziz günü, milli bayramımız ərəfəsində belə bir məsələnin müzakirəyə gəlməsi həddən artıq ürəkağrısı və təəssüf doğurur. İkinci, bir insanın, bir Azərbaycan vətəndaşının, üstəlik də millət vəkili olan bir Azərbaycan vətəndaşının öz səhvi ucbatından... Gəlin, buna indi “səhv” deyək. Hər halda istintaq sübut eləyəcək ki, bu, səhv olub, yoxsa, ümumiyyətlə, həmin insanın xarakteri belədir. Bir hərəkəti ucbatından insanın taleyinə mənfi məqamlar düşürsə, onun bir nömrəli cavabdehi həmin şəxsin özüdür. Bu gün burada müxtəlif cəhdlər oldu, bu cavabdehliyi başqa adamların üzərinə qoymağa çalışırlar. Kimi isə Milli Məclisi düzgün idarə etməməkdə ittiham edirlər və ya söyləyirlər ki, çıxışların yarıda kəsilməsi kimlərəsə bu şəkildə hərəkət etməyə haqq verir. Hesab edirəm, bu fikirlərin heç bir məntiqi yoxdur. İnsan istənilən, hər hansı emosional hal yarada biləcək şəraitdə özünü aparmağa hazır olmalıdır.
Millət vəkili olan şəxs hər hərəkətinə cavabdehlik daşımalıdır. Kimsə bunu dayanıqlı bir şəxs olmamaqla, emosional durumla əlaqələndirirsə, hesab edirəm ki, məsələyə hüquqi cəhətdən yanaşmır, başqa yöndən yanaşır. Qaldırılan məsələ də elə şəkildə qoyulub ki, ona yalnız hüquqi cəhətdən qiymət vermək lazımdır. Kimsə söyləyir ki, şişin ölçüləri 3 santimetrdir. Deməli, 3 santimetrdirsə, buna hüquqi qiymət vermək olmaz? Gərək 15 santimetr olaydı və ya bu şəxsin alnına tikiş qoyulaydı? Kimsə kiminsə yerinə bağışlamaq istəyir. Gəlin görək, Fəzail Ağamalı bağışlayırmı? O, ərizə ilə müvafiq orqanlara müraciət eləyib. Müvafiq orqanlara vətəndaş, xüsusi ilə də millət vəkili müraciət edirsə, bu məsələ araşdırılmalıdır. Özü də bir neçə hal şahidinin yox, bütün cəmiyyətin müşahidə etdiyi bir hadisə olmuşdur, ortada konkret faktlar vardır. Hər halda stenoqram da, lent yazıları da var. Hüquq mühafizə orqanları, düşünürəm, bu işdə səriştəsizlik göstərməyiblər ki, kimin hücum etdiyini, kimin cavab verdiyini, kimin təhqirə məruz qaldığını, kimin təcavüzə məruz qaldığını ayırd eləyə bilməsinlər.
Burada Ziyafət müəllim söylədi, biz haqqında konkret söhbət gedən şəxsi deputat statusundan məhrum etmirik. Onun toxunulmazlığının aradan qaldırılmasına münasibət bildiririk. Əlbəttə, onun düz hərəkət etdiyi əgər sübut olunarsa və onun hərəkətində hüquqi məsuliyyətə səbəb ola biləcək bir məqam yoxdursa, onun toxunulmazlığı bərpa da oluna bilər. Hər kəsin gözü qarşısında baş vermiş və Azərbaycan mənəviyyatına, əxlaqına uyğun gəlməyən bir fakt kimi təsir göstərən bu hadisənin siyasi cəhətdən qiymətləndirilməsinin qəti əleyhinəyəm. Ümumiyyətlə, belə məsələdə siyasi konyunktura kənara qoyulmalıdır.
Biz həmişə məsələlərə ikili standartlamı yanaşacağıq? Bizə nə lazımdır? Prinsipial olaraq biz nə istəyirik, Azərbaycanı necə görmək istəyirik? Ali icra orqanı, ali seçki orqanını necə görmək istəyirik və biz cəmiyyətə nə təqdim edirik, hansı nümunəni göstəririk? Biz nəyə “hə”, nəyə “yox” deyirik? Nəyi bağışlayırıq, nəyin üstündən keçmirik? Biz bunu göstərməliyik. Başqa ölkələrdə bizim mənəviyyatımıza uyğun gəlməyən hallar bizim qanunvericiliyimizdə nəzərdə tutulması istiqamətində addımlar atılması üçün fikirlər səsləndirəndə, hesab edirəm ki, düz eləyirlər. İnsanlar etirazlarını bildirirlər ki, bizim mənəviyyatımıza ziddir və bizim qanunlarımızda öz əksini tapa bilməz. Amma indi başqa ölkələrdən analoqlar gətirirlər. Belə hallar baş verib. Çox-çox üzr istəyirəm, ana söyüşü söyüblər, bir adamın bütün nəsli haqqında çox təhqiramiz ifadə işlənib və gəlin, biz bunu bağışlayaq, çünki bunu Hollandiyada bağışlayırlar. Mən bağışlamıram. Burada əyləşən qadınlar bağışlamırlar.
Cavid müəllim çox gözəl sual verdi. Mən çox istərdim ki, buradakı kişilərin bir çoxu ona cavab versinlər. Onlar öz xanımlarının yanında belə fikirlərin səsləndirilməsini qəbul edirlər? Qəbul eləyirlərsə, desinlər ki, eləyirik. Biz də bilək, kiminlə işləyirik, kimə arxa çeviririk, kiminlə bir Məclisdəyik və hansı mənəviyyatın, əxlaqın sahibiyik. Mən çox üzr istəyirəm, fiziki xəsarətdən keçmək olar, mal-əmlak itkisindən keçmək olar, amma mənəviyyat itkisinə dözmək olmaz. Bu gün mənəvi cəhətdən mən bunu qəbul etmirəm, amma hüquqi cəhətdən düzgün deyil və yaxud siyasi qiymət vermək lazımdır kimi fikirlərdə mən, ümumiyyətlə, məntiq görmürəm. Çox xahiş edirəm, həmkarlarım, gəlin, biz birdəfəlik müəyyən eləyək, biz hansı yolu gedirik, məqsədimiz nədir, nəyə xidmət eləyirik, biz milli dəyərlərimizi qoruyacağıqmı, yoxsa siyasi maraqlar istəyəndə onu tapdalayacağıqmı?
Hamıdan çox mən istəmirəm ki, o şəxs həbsxanaya düşsün. Mən bunu istəmirəm. Mən çox istərdim ki, o, imkan tapaydı, özünün haqlı olduğunu sübut eləyə biləydi və qayıdıb gəlib bizimlə bir yerdə burada iştirak eləyəydi. Amma bunu tapa biləcəkmi? Burada fikir səsləndirilir ki, bu, presedent yaradır və sabah kimsə emosional hərəkət edəcəksə, ona qarşı da belə bir tədbir tətbiq oluna bilər. Bəli, olunmalıdır və biz niyə düşünməliyik ki, bizə emosional hərəkət etmək, kimi isə söymək, kimi isə təhqir etmək üçün qanun imkan verməlidir və yaxud da həmkarlarımız bizi bağışlamalıdır. Biz bu nümunəni göstərə bilmərik. Ondansa, özümüzü standartlara, çərçivələrə, qanunlara uyğun şəkildə aparmağa öyrənək. Kimisə bağışlayıb, bunun müqabilində yeni bir presedent yaratmayaq. Mən millət vəkillərindən çox xahiş edirəm ki, mövqelərini müəyyənləşdirərkən bu meyarları nəzərə alsınlar. Azərbaycanda, ümumiyyətlə, dünyada həbsxanaya düşən adamlar az deyil. Mən inanmıram ki, o, həbsxanaya düşəcək, hansısa ciddi addımlar atılacaq, onun gələcək taleyi üçün qarşısı alınmayacaq hərəkətlər törənəcək. Hər halda müvafiq maddə var, Pənah müəllim söylədi ki, hansı cəza tədbirləri nəzərdə tutulur. Hər kəs hərəkətinə, sözünə görə məsuliyyət daşımalıdır. Gəlin, məsuliyyətli olaq.
Sədrlik edən. Sağ olun. Hesab edirəm ki, məsələnin məğzi məlumdur. Hərtərəfli fikirlər söylənildi. Təkrar çıxışlara icazə verməyəcəyəm. Əgər yazılanlardan təkid eləyən varsa, bir nəfərə söz verəcəyəm. Növbə Musa Quliyevindir. Bir ona söz verirəm, sonra səs verəcəyik.
M. Quliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Mən çox istərdim ki, burada yazılanların hamısına çıxış üçün imkan verilsin. Möhtərəm Prezidentimizin, ümummilli liderimizin dediyi kimi, mövqeyi ortaya qoymağın vaxtıdır. Çox istərdim, burada komissiya sədrləri danışsınlar. Ağsaqqal deputatlar da danışsınlar və hamı öz mövqeyini ortaya qoysun. Burada təkcə Fəzail Ağamalının təhqir olunmasından, hətta onun döyülməsindən söhbət getmir. Söhbət Azərbaycan dövlətçiliyinin, Azərbaycan millətinin, Azərbaycan Milli Məclisinin təhqir olunmasından gedir. Təəssüf edirəm.
Mən İntizam komissiyasında sözlərimi demişdim. Ancaq burada bəzi deputatların çıxışları məni yenə də təkidlə söz almağa vadar etdi. Bəzi deputat yoldaşlarım burada hadisənin mahiyyətini siyasiləşdirmək istəyirlər. Guya Yeni Azərbaycan Partiyası ilə bağlamaq istəyirlər. Bəziləri isə bilərəkdən və ya bilməyərəkdən hadisələri və faktı qarışdırırlar. Mən demək istəyirəm, bu hadisə Yeni Azərbaycan Partiyasına, ümumiyyətlə, Azərbaycan iqtidarına birbaşa aidiyyəti olmayan bir insidentdir. Burada olanların hər biri müstəqil deputatdır. Deyirlər ki, Ana Vətən Partiyasının sədri təhqir olunmuşdur. Amma burada təhqir olunan Azərbaycan dövlətçiliyidir. Heydər Əliyev dişi ilə, dırnağı ilə dövlət qurdu, hüquqi dövlət yaratdı, ona hüquq mədəniyyəti, müzakirə mədəniyyəti gətirdi. Biz indi Milli Məclisi 1992–1993-cü illərin parlamentinə çevirə bilmərik. Hər kəs etdiyi hərəkətə görə məsuliyyət daşıyır və həmin hərəkətə görə də cavab verməlidir. Burada təkcə Fəzail Ağamalı təhqir olunmadı. Bizim hamımız təhqir olunduq. Burada deputat yoldaşımıza əl qaldırıldı və bizim hamımıza əl qaldırıldı, Azərbaycan dövlətçiliyinə əl qaldırıldı. Necə yəni səhv eləyibdir, cavandır? Bəlkə gözləyək, bir dəfə də təhqir eləsin? Bu adam deyir ki, mən çox-çox üzr istəyirəm, insanın varı-yoxu nədir? Varı-yoxu onun ailəsidir, uşaqlarıdır, atasıdır, anasıdır, dövlətidir, bayrağıdır, Prezidentidir. Öz şərəfini, ləyaqətini bilən insanın varı-yoxu budur. Bundan artıq nə təhqir olmalıdır? Növbəti dəfə bu adam bizə nə deyəcəkdir?
Hər kəs etdiyi hərəkətə görə cavab verməlidir və heç kəs Azərbaycanda məsuliyyətsiz qala bilməz. Bura dövlətin evidir, bura millətin evidir. Bura müqəddəs bir yerdir. Azərbaycan parlamentində belə təhqiramiz söyüşlər işlətmək müsəlmanın Kəbəyə tüpürməyi kimi bir şeydir. Onu Allah-taala bağışlayırmı, bizim millətimiz bağışlasın? Necə yəni ictimai rəy? İctimai rəyi 3-4 müxalifət qəzetimi formalaşdırır? Gedin, onu seçicilərin özündən soruşun. Biz burada həmin insanın nə deputatlıq səlahiyyətinin aradan qaldırılması, nə də onun həbs edilməsi barədə qərar veririk. Sadəcə, Respublika Prokurorluğu bizim müzakirəmizə sənəd çıxarıb, bu adamın cinayət məsuliyyətinə cəlb olunub-olunmaması, cinayət törətməsi barədə araşdırma aparmaq istəyir. Onun deputat səlahiyyətlərinin deyil, deputat toxunulmazlığının aradan qaldırılması məsələsinə baxılır. Yaxşı, biz deyək ki, yox, prokuror, mən sənə bu icazəni vermirəm. Sabah burada başqa bir insident olsun? Hər kəs desin ki, mən səni söyəcəyəm də, təhqir eləyəcəyəm də, parlament bizi qoruyacaqdır. Qanun burada yaranır və burada da müdafiə olunmalıdır. Mən təklif edirəm ki, hər kəsin burada sözünü deməsi, mövqeyini göstərməsi üçün imkan yaradılsın və İntizam komissiyasının qərarı qəbul olunsun. Sağ olun.
Sədrlik edən. Sağ olun. Mirkazım Kazımov.
M. Kazımov. Təşəkkür edirəm, Oqtay müəllim. Mənim vaxtımı, xahiş edərdim, Mübariz Qurbanlıya verəsiniz.
Sədrlik edən. Mübariz Qurbanlı.
M. Qurbanlı. Təşəkkür edirəm, Mirkazım müəllim. Hörmətli millət vəkilləri, bütün dünyada parlamentlər qanunlar və ənənələrlə idarə olunur. İlk parlamentlər yarananda heç qanunlar yox idi, parlament ənənə ilə idarə olunurdu. Roma senatına silahla girmək olmazdı. Hətta ayaqyalın gedirdilər. İslandiya parlamentində bərkdən danışmaq olmazdı. Burada müxalifətdən olan bəzi deputatlar deyirlər, misallar gətirirlər ki, törədilmiş əmələ görə başqa-başqa ölkələrdə cəza verilməyib və sair. Əvvəla, hamısında cəza verilib. Yaponiyada da, Tayvanda da, başqa ölkələrdə də cəza verilib, çünki parlamentin işini pozmaq nəticə etibarı ilə yalnız parlamentə təsir etmir, cəmiyyətə də təsir edir. Əslində, cəmiyyətdə xaosun yaranmasına gətirib çıxara bilər.
Parlament, birincisi, ən məsuliyyətli orqan kimi cəmiyyətə nümunə göstərir. Xatırlayırsınız, istiqlalımızın ilk illərində parlamentdə nələr baş verirdi? Məhz Heydər Əliyevin gəlişi ilə parlamentdə xaosa son qoyuldu. Yəni biz parlamentdə özbaşınalığa, xuliqanlığa, digər hərəkətlərə göz yumarıqsa, bir pis nümunə yaratmış olarıq. Azərbaycan gənc dövlətdir. Bizim dövlətçiliyimiz min illər davam edəcək və bizim dövlətçiliyimiz, eyni zamanda, parlamentdə yaradacağımız ənənələrlə davam edəcək. Ona görə də baş vermiş hər hansı hadisəyə parlament biganə qala bilməz, o cümlədən bu cür xuliqanlıq hərəkətinə. Burada həmin hərəkətləri törətmiş və hazırda deputatlıq toxunulmazlığının aradan qaldırılması ilə bağlı prokurorluğun təqdimatında Hüseyn Abdullayev göstərilir. Müxalifət Hüseyn Abdullayevi müdafiəyə qalxır. Mən əminəm ki, heç Hüseyn Abdullayevin özü də istəməzdi ki, müxalifət partiyaları onu müdafiə etsinlər. Hüseyn Abdullayev Yeni Azərbaycan Partiyasının üzvü deyil, bitərəf deputatdır. Hadisə də hamımızın gözü qarşısında baş verib. Bu hadisəyə biz biganə qalsaq, üstündən sükutla keçsək, dediyim kimi, bir pis nümunənin əsasını qoya bilərik. Həm Daxili Nizamnamə qaydalarını pozmuş olarıq, həm də gələcəkdə digərləri də bu cür hərəkətlərə yol verərlər.
Əslində, Hüseyn Abdullayevin hərəkəti xuliqanlıq hərəkətidir və bu hərəkətə də adekvat olaraq İntizam komissiyası öz qərarını veribdir və onun çıxışı ilə bunu bağlamağa cəhd isə tamamilə yanlış bir cəhddir, yanlış bir yoldur. Bundan nə Pənah Hüseyn, nə də digərləri özləri üçün hər hansı bir siyasi dividend əldə edə bilərlər. Biz İntizam komissiyasının və prokurorluğun təqdim etdiyi sənədlərə müsbət səs verməliyik. Gələcəkdə parlamentimizdə bu cür hadisələrin qarşısını qəti şəkildə almalıyıq, çünki Azərbaycan parlamenti dövlətin mühüm strukturlarından biridir, burada hər bir deputatın çıxışı, hər bir sözü mənəvi, siyasi məsuliyyət deməkdir. Hər kəs də anlamalıdır ki, parlament onun üçün danışmaq yeridir, dalaşmaq yeri deyil. Təşəkkür edirəm.
Sədrlik edən. Sağ olun. Hörmətli millət vəkilləri, fasilə etmədən iclasa davam edirik. Vidadi Məmmədov.
V. Məmmədov. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Ölkəmiz bu gün inkişaf dövrünü yaşayır. Azərbaycan güclü iqtisadiyyata, qüdrətli orduya, güclü və layiqli Prezidentə malikdir. Azərbaycanın bu inkişafını nəinki xalqımız, hətta ən inkişaf etmiş dövlətlər və ağıllı siyasətçilər görür və qiymətləndirirlər. Prezident cənab İlham Əliyev uğurlu siyasəti ilə ölkənin iqtisadiyyatını irəli aparmaqla yanaşı, Azərbaycanın xarici ölkələrdə demokratik, sivil bir ölkə kimi tanın ması üçün çox səmərəli fəaliyyət göstərir. Ölkədə beynəlxalq layihələr həyata keçirilir, bölgələr gündən-günə inkişaf edir, yoxsulluq həddi sürətlə azalır. Dövlətin bölgədə siyasi çəkisi getdikcə artır. Bütün bunlara görə xalqımız öz Prezidentini ürəkdən sevir və dəstəkləyir. Bu müvəffəqiyyətləri bəzi bədxahların gözləri götürmür. Ona görə də bu insanlar vaxtaşırı populist çıxışları ilə qazanılmış uğurlara kölgə salmaq, özləri haqqında müsbət fikir formalaşdırmaq istəyirlər.
2003-cü il seçkilərindən sonrakı, 2005-ci il seçkilərindən əvvəlki hadisələrdə gizlənən, gözləmə mövqeyi tutanlar axır ki, dözə bilməyib üzə çıxırlar. Populist çıxışlar edərək gah cinayətkarları müdafiə edir, gah da Prezidentin komandasında olan adamlara böhtan və ittihamlar atmaqla məşğul olurlar. Lakin bu insanlar bilməlidirlər ki, Azərbaycanda hər kəs məşhurların əqidəsini, fəaliyyətini, xalqa münasibətini, hətta ailə vəziyyətlərini də yaxşı tanıyır və bilirlər. Ona görə də bunlar dəridən-qabıqdan çıxsalar da, xalq onlara inanan və dəstək verən deyil. 15 ildən artıqdır ki, müxalifət naftalin iyi verə-verə xalqdan heç bir dəstək ala bilmir.
Milli Məclis xalqın seçdiyi ən layiqli insanların toplusudur. Bəziləri yüksək statusu olan deputat adını qiymətləndirə bilmirlər. Hörmətli Sədrimiz Oqtay müəllim Milli Məclisi hüquqa və məntiqə söykənərək çox demokratik bir şəraitdə təmkinlə idarə edir. Təəssüf ki, bu şəraiti qiymətləndirməyənlər də var. Hətta bəziləri bütün hədləri keçərək tənqid əvəzinə təhqirə, savaşa keçirlər. Əlbəttə, parlament savaşma məkanıdır, burada tənqid olmalıdır. Lakin təhqir və savaşmaq məkanı deyil, bu olmamalıdır. Parlament elə bir məktəbdir ki, bu məktəbi xalqın bütün təbəqələri izləyərək oradan nə isə öyrənmək istəyirlər. Belə olan halda parlamentin nüfuzunu bu cür aşağı salmağa kimin ixtiyarı var. Parlamentdə söyüş ilə danışmaq, əl-qol atmaq, yumruq davasına çıxmaq hamımız üçün təhqirdir. Ona görə mən İntizam komissiyasının çıxardığı qərarla razıyam və ona səs verəcəyəm. Təşəkkür edirəm.
Sədrlik edən. Abel Məhərrəmov.
A. Məhərrəmov. Təşəkkür edirəm, cənab Sədr. Hörmətli həmkarlar, mən 30 ildir Bakı Dövlət Universitetində işləyirəm. 30 ildən bir az artıq dövrdə bütün fəaliyyətim gənclərlə, onların təhsili ilə, təlim-tərbiyəsi ilə bağlı olub. Biz gənclər arasında belə bir insident olanda çox narahatlıq keçiririk, deyirik ki, gəncdir, bir az öyüd-nəsihət veririk, istiqamət göstəririk, aradan çıxır. Bu 30 ilin təqribən yarısını sovetlər dövründə işləmişəm, 15-16 ildir müstəqillik dövründə işləyirəm. Son zamanlar belə hadisələr bizdə olduqca azalıb. Olanda da tək-tük hadisələr olur, yoluna qoyuruq. Amma bunun əksinə, gənclərdən fərqli olaraq ali qanunvericilik orqanının fəaliyyət göstərdiyi yerdə elə hadisələrin olması, təbii, hamımızı təəssüfləndirir.
Reallıqdan, milli-mənəvi dəyərlərdən uzaq olan hadisə kimi bunu qiymətləndirirəm və hesab edirəm ki, biz bu məsələyə öz münasibətimizi çox ciddi bildirməliyik. Bu bizim hər birimiz üçün böyük bir mesajdır. Mesajdır kimlərə? Bu gün də mən hiss edirəm ki, bəzi imkanlı adamlar, istər Milli Məclisdə, istərsə də kənarda həmin imkanlarından düzgün istifadə etmir, cəmiyyətdə mövqeyini düzgün başa düşmür, cəmiyyətə diktə etmək istəyir. Bu bizə böyük bir mesajdır. Bir də təkrar edirəm ki, bu bizim hər birimiz üçün böyük dərs olmalıdır. Dərs olması üçün buna ciddi qiymət verməliyik. Nəinki burada oturan adamlar üçün, mən hesab edirəm ki, Azərbaycan cəmiyyətində imkanlı adamlar var, onlar üçün böyük mesaj olacaq. Mən maraqlanıram, müxalifət nümayəndələrindən soruşmaq istəyirəm ki, niyə narahat olurlar? Əgər Hüseyn Abdullayev Azərbaycan iqtidarına xidmət edibsə, böyük qulluq göstəribsə, bəzən də belə deyək, bəhrələnibsə, bu gün o, vətəndaş cəmiyyətinə, dövlətə, hökumətə qarşı addım atırsa və buna da lazımi qiymət verilirsə, niyə narahat olurlar? Biz vətəndaş cəmiyyəti qururuq, heç kim imkanından asılı olaraq çıxış etməməlidir. Hamı vahid dövlətçilik müstəvisində çıxış etməlidir.
Bir neçə gün bundan qabaq ombudsmanın hesabatını dinlədik. Biz dedik ki, hüquqi, dünyəvi demokratik dövlət qururuq. Vətəndaş cəmiyyəti yaradırıq. Bunun əsas məqsədi nədən ibarətdir? Formulası odur ki, insanların hüquqları, azadlıqları qorunsun. Əgər bu gün birinin imkanı çoxdursa, digərinin üstünə hücum çəkəcək, yaxud birinin imkanı çoxdursa, uşaqları şəhərdə artıq-əskik hərəkət edəcəklər? Mən hesab edirəm, buna son qoymaq lazımdır. Kimliyindən, tutduğu vəzifədən, cəmiyyətdə imkanından asılı olmayaraq hər bir adam hüquq normaları qarşısında cavab verməlidir.
Ancaq mən bunlara əsaslanıb başqa bir fikri demək istəyirəm. Bir-birimizin çıxışına etik normalarla yanaşaq, ziyalı mövqeyində olaq, bu mesajın bir hissəsi də buna gəlir. Biz 5 ildən çoxdur, bir yerdəyik. Hamı bundan nümunə götürməyə çalışır. Hamı burada gedən prosesləri izləyir. Hörmətli Oqtay müəllim, Sizin idarəçilikdən biz tamamilə razıyıq. İclasları gözəl aparırsınız. Heç bir başqa fikir yoxdur. Ancaq lazım gələrsə, mən hesab edirəm ki, hərdənbir İntizam komissiyasında bəzi məsələlərə baxmaq lazımdır. Sakit vaxtda bu məsələyə baxılsa, elə vəziyyətə gəlib çıxmaz. Hərə bugünkü tədbirdən mesaj götürməlidir. Son olaraq onu deyirəm ki, dövlətçiliyimiz inkişaf edir, biz hüquqi, dünyəvi dövlət qururuq. Hər kəs bu yolda cəmiyyətə qüvvət verməlidir, dəstək olmalıdır. Hesab edirəm ki, biz bu gün qaldırılan məsələyə müsbət...
Sədrlik edən. Çox sağ olun. Qüdrət Həsənquliyev.
Q. Həsənquliyev. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Sözün doğrusu, mənim bu gün çıxış etmək fikrim yox idi. Ona görə ki, Milli Məclisə gələrkən jurnalistlər məsələyə münasibətimi öyrənmişdilər və mən də fikrimi bildirmişdim, səsvermə ilə də fikrimi bildirəcəkdim. Amma çox təəssüf, iki gün ərzində müxalifətdən olan həmkarlarımı inandıra bilmədim ki, onlar bu məsələyə müdaxilə etməsinlər. Pənah bəy deyir ki, biz iqtidarın daxili məsələlərinə qarışmırıq, sonra da Hüseyn Abdullayevin müdafiəsinə qalxır. Mən hesab edirəm ki, bu, doğrudan da, iqtidarın daxili məsələsidir.
Nəsib bəy deyir ki, mən Hüseyn Abdullayevi tanımırdım. Ola bilsin, Siz, Nəsib bəy, tanımayasınız. Ona görə ki, “Yeni Müsavat” qəzetində daim “Qusik” yazırdılar, deyirdilər ki, Qusikin dəstələri bizi mitinqdə belə döydü, belə elədi, hətta adını yazmağı belə rəva görmürdülər. Hüseyn Abdullayev hesab etdi ki, mitinqdə adam döyübsə, Neft Şirkətinin prezidenti olmalıdır. Onu həmin vəzifəyə təyin etməyəndən sonra dedi ki, mən Dövlət Gömrük Komitəsinin sədri olmalıyam. Bu vəzifəyə də təyin edilməyəndən sonra, başladı guya xalqın hüquqlarının müdafiəçisi kimi çıxış etməyə. Hər halda mənə çatan məlumatlar belədir. Ola bilsin ki, prokurorluq orqanları da onun hərəkətlərinin motivlərini nəzərə alaraq barəsində ciddi tədbir görüblər. Siz deyirsiniz ki, biz də eyni sözləri deyirik. Amma niyə bizim barəmizdə bu cür ciddi tədbirlər görülmür? Ola bilsin, müxalifət həmkarlarım bu gün fikirləşirlər ki, gələcəkdə onlara qarşı bu cür təhqirlərə yol verilə bilər, ona görə indidən narahatdırlar və Hüseyn Abdullayevin müdafiəsinə qalxıblar. Bir qismi, ola bilsin, Hüseyn Abdullayevin ətrafında olan narazı adamları öz tərəflərinə çəkmək istəyirlər. Amma bütün hadisə gözümüzün qarşısında olub. Hüseyn Abdullayev burada Baş nazirə münasibətdə də, hesab edirəm, təhqiramiz davrandı. Artur Rasizadə Baş nazir təyin olunanda onun əleyhinə səs verən bir adam mən olmuşam. Bu salonda hökumətin bütün hesabatlarında da, ümumən, müsbət meyilləri qeyd eləsəm də, hökumətin fəaliyyətini qeyri-qənaətbəxş saymışam. Amma mən hesab edirəm ki, Azərbaycan dili çox zəngin dildir. Burada ən kəskin etirazı etika çərçivəsində bildirmək mümkündür. Necə ki, bizlər bunu zaman-zaman bildirmişik.
Oqtay müəllim tərəfindən söz verilməsinə gəldikdə, Hüseyn Abdullayev iki dəfə çıxış edib. Yadımdadır ki, birinci dəfə ona, ümumiyyətlə, növbədənkənar söz verildi. Bu dəfə də sual verməyə yazıldı, başladı çıxış eləməyə, ona görə də Sədr onun sözünü kəsdi. Amma müxalifətdən olan Pənah bəy, Siz bilirsiniz ki, sual vermək üçün dəfələrlə yazılmışıq, amma bizə heç imkan verməyiblər. Əslində, Hüseyn Abdullayevə burada hörmət edilib.
Qaldı Fəzail müəllimlə bağlı, mənim Fəzail müəllimi müdafiə eləməyimə ehtiyac yoxdur. Pənah bəy onu xüsusi vurğuladı ki, Fəzail Ağamalının bu hərəkətini dolayısı ilə təqdir eləyir. Özünü kişi hesab eləyən hər bir kəs, hesab edirəm ki, bu cür ağır təhqirdən sonra güclü ruhi həyəcan vəziyyəti keçirməli idi. Fəzail Ağamalı da belə bir vəziyyətdə idi. Bu cür təhqirdən sonra Hüseyn Abdullayev durub hamının gözü qabağında onu çağırır ki, bura gəl, çıxaq eşiyə. Mən onunla razı deyiləm ki, prokurorluq birinci Hüseyn Abdullayevə sillə vuranın Fəzail Ağamalı olduğunu, amma ondan sonra onun Fəzail Ağamalını döydüyünü qeyd etməyib. Fəzail Ağamalının bu hərəkəti hüquqa görə cinayət hüququ məsuliyyəti yaratmır. Güclü ruhi həyəcan vəziyyətində adam öldürməyə görə cəmi 3 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Güclü ruhi həyəcan vəziyyətində sillə vurmağa görə, ümumiyyətlə, Cinayət Məcəlləsində, – hər kəs qaldırıb baxa bilər, – məsuliyyət yoxdur. Ona görə də Fəzail Ağamalı barədə cinayət işi qaldırılmayıb.
İkincisi, burada dalaşmaq da, kəskin təhqir də ola bilər. Burada qadın deputatları, jurnalist xanımları nəzərə almayaraq, o cür var-yox söyüşü eləmək… Müxalifətdən olan həmkarlarımız da sanki məsələni bu istiqamətə yönəltdilər. Guya Hüseyn Abdullayevin çıxışına görə bu belədir. Mən qətiyyən bu fikirdə deyiləm və hesab edirəm ki, Hüseyn Abdullayev özü də nahaq yerə bu məsələni siyasiləşdirməyə çalışır. Dünən onun nümayəndəsi qəzetə müsahibə verib ki, guya Bəylər Əyyubov, Kəmaləddin Heydərov, Ramiz Mehdiyev, Ramil Usubov bu provokasiyanı təşkil eləyiblər. Məgər həmin adamlar gəldilər dedilər ki, ay Hüseyn Abdullayev, sən etika çərçivəsində öz etirazını bildirmə, get var-yox söyüşü söy, yaxud bütün deputatlara üzünü tutub de: “dişinizi ağartmayın”. Bu, yol verilən hərəkətlərdir? Mən də hesab edirəm ki, bu, yolverilməz hərəkətdir. Əslində, bu, müxalifətdən olan millət vəkilləri üçün daha çox lazımdır. Bitərəf olub iqtidarı müdafiə eləyən deputatlar müxalifət nümayəndələrinə qarşı gələcəkdə təhqirlərə yol verməsinlər və bilsinlər ki, onlar da cinayət məsuliyyətinə cəlb olunub cəzalandırıla bilərlər. Ona görə də mən hesab edirəm ki, burada vahid mövqe olmalıdır və prokurorluğun…
Sədrlik edən. Sağ olun. Astan Şahverdiyev.
A. Şahverdiyev. Çox sağ olun. Hörmətli Oqtay müəllim, hörmətli millət vəkilləri! Bu hadisə, bilirsiniz ki, 16 martda baş verib və həmin gün də biz Azərbaycan hökumətinin hesabatını dinləyirdik. Burada fikirlər səsləndi ki, guya hökumət tənqid olunub. Söhbət tənqiddən getmədi, burada təhqir elementləri də vardı. Məsələn, “hökumətin hesabatı nağıldır”, “mən belə hökuməti tanımıram” kimi ifadələr birbaşa təhqirdir. Təhqirin başqa tərzini tanımıram. Hökuməti təhqir eləməklə bütün Azərbaycan xalqı təhqir olunur və hökumətin də başında dayanan cənab Prezidentdir, möhtərəm İlham Əliyevdir. Bundan sonrakı prosesdə iki deputatın bu cür nalayiq hərəkətlərə yol verməsi, əxlaqsız hərəkətləri, dalaşmaları bizə tam əsas verir ki, Respublika Prokurorluğunun qaldırdığı məsələ təmin olunsun, İntizam komissiyasının qərarı təsdiq edilsin.
Hökumətin hesabatı konseptual şəkildə Milli Məclisə təqdim olunmuşdu. Bəzi xırda məsələlər, ayrı-ayrı bölgələrin, yaxud lokal yerlərin problemlərinin Milli Məclisə çıxarılması Milli Məclisin statusuna, deputat statusuna da uyğun gəlmir. Biz, qanunverici orqanın nümayəndələri qanunların qəbul olunması ilə məşğul olmalıyıq, ayrı-ayrı şəxslərin məişət problemlərinin həlli ilə yox. Hərçənd mənim seçicilərimin bu problemlərin həllinə daha çox ehtiyacları var.
Digər tərəfdən, hörmətli Oqtay müəllim, Sizin 1 il 4 ay ərzində Milli Məclisi idarə etməyiniz şəxsən məni demokratik fikirli bir insan kimi çox təmin eləyir. Bəzən bir deputatın digəri haqqında dediyi acı sözə, tənqidə, təhqirə, mənə elə gəlir, Siz hamıdan çox cavab verməyə qadirsiniz, bu, birbaşa Sizin səlahiyyətinizə aiddir. Bəzən hər hansı deputatın çıxışına bəziləri istehza ilə yanaşır və yaxud replika atırlar. Milli Məclis öz əxlaqi keyfiyyətləri ilə Azərbaycan xalqına, Azərbaycan cəmiyyətinə nümunə olmalıdır. Mənim 60 yaşım var, bu 60 ildə mən həmişə öz şərəf və ləyaqətimi qorumağa çalışmışam. Burada media nümayəndələrinin, bütün Azərbaycan cəmiyyətinin seçmə adamları təmsil olunurlar. Onların qarşısında belə çoxmərtəbəli söyüşlər, hesab edirəm ki, hörmətli Əli müəllim dedi, hamıya ləkədir. Bəli, ləkədir, bizim tərcümeyi-halımıza da ləkədir. Ona görə də mən deputat həmkarlarımı səsləyirəm ki, Respublika Prokurorluğunun müraciəti nəticəsiz qalmasın və İntizam komissiyasının çıxardığı qərara müsbət səs verək. Diqqətinizə görə sağ olun.
Sədrlik edən. Gülər Əhmədova.
G. Əhmədova. Təşəkkür edirəm, cənab spiker. Mən çalışacağam ki, konkret fikirlərimi deyim. Birincisi, mən Bahar xanımın çıxışı ilə razıyam, burada oturan kişilər belə bir suala cavab versinlər ki, onlar öz ana-bacılarının, xanımlarının yanında bu cür söyüşlər söyülməsinə nə dərəcədə razıdırlar və ya razı deyillər? Çox aktual sualdır. İkincisi, millət vəkillərimizdən bir xahiş etmək istəyirəm. Biz yığışmışıq ki, baş verən xoşagəlməz hadisə ilə bağlı praktikanı, ümumiyyətlə, aradan götürək və birdəfəlik belə məsələlərə son qoyulsun. Amma bəziləri öz çıxışlarında emosiyalarının daha çox coşması nəticəsində bir az uzaqlara gedirlər. Mən istəməzdim uzaqlara gedək.
Xahiş etmək istərdim ki, əzizlərim, birincisi, bu, siyasi məsələ deyil və çox nahaq yerə siz bunu siyasiləşdirmək istəyirsiniz. Burada baş verən hadisə hüquqi cəhətdən tənzimlənəcək bir məsələdir. Burada səslənən söyüşün, nə Azərbaycan xalqına, nə də Azərbaycan dövlətində mühüm post tutan insanlara dəxli var, burada iki şəxsin bir-birinə qarşı münasibəti məsələsidir. Sadəcə, ona görə burada müzakirə olunur ki, hər iki şəxs millət vəkilidir. Burada bizdən soruşmurlar ki, onlar cinayət ediblər, yoxsa yox, sadəcə, bir millət vəkili digərindən şikayətçidir, biz onunla bağlı hər hansı bir araşdırma aparmaq istəyirik. İcazə verin, bu araşdırmanı aparaq.
Vəssalam, üçüncü, bir məsələni də demək istəyirəm. Mən bir-birimizə qarşı müəyyən xoşagəlməz ifadələr işlədilməsinə razı olmuram, amma danışanda, çıxış eləyəndə bir qədər ehtiyatlı olmaq lazımdır. Əxlaq tərbiyənin tərkib hissəsidir. Tərbiyəni bizə, hər birimizə valideynlərimiz, analarımız, atalarımız verirlər. Mən bu salonda Hüseyn Abdullayevin anasının az qala əllərini öpən insanlar görmüşəm. Ona görə də kiminsə əxlaqsız, kiminsə əxlaqlı olması ilə bağlı, xahiş edirəm, polemikalardan özümüzü saxlayaq. Mən əminəm ki, bizim hər birimizin atası da, anası da çox böyük hörmətə layiq insanlardırlar. Ona görə kiminsə əxlaqı və tərbiyəsi haqqında danışanda bir az ehtiyatlı olmaq lazımdır. Mən İntizam komissiyasında sözümü demişəm və burada da qeyd etdim.
Hörmətli Zahid müəllimə də demək istəyirəm, mən Sizin düşdüyünüz vəziyyəti başa düşürəm, amma inanın mənə, YAP-ın daxilində heç bir hadisə baş vermir. YAP çox demokratik bir partiyadır. Həmişə YAP daxilində hər hansı situasiya ilə bağlı fikirlər deyilib. Bu birinci dəfə deyil, burada xofa düşmək, qorxmaq lazım deyil, YAP çox demokratik bir partiyadır, mən də YAP-ın üzvüyəm, mən də xoşum gəlmədiyi məsələlərlə bağlı… Partiyanın daxilində kimsə nizam-intizamı pozmağa, yaxud dövlətçiliklə bağlı… Hər birimiz insanıq, hər birimizin səhvi ola bilər, iş olan yerdə səhv var. Ona görə bunu siyasiləşdirməyə ehtiyac yoxdur. YAP-ın daxilində heç bir parçalanma getmir. Burada iki kişinin, iki şəxsin bir-birinə qarşı münasibəti nüzakirə edilir. İkisi də millət vəkili olduğu üçün bizdən, sadəcə, Respublika Prokurorluğu izin istəyir. Xahiş edirəm, baxaq görək, bəlkə sabah deyək ki, Fəzail Ağamalı səhv etdi, o, gərək birinci hücum çəkməyə, sillə vurmaya idi. Burada başqa şey ola bilməz. İstəmirəm ki, burada kimsə özünü dahi filosof kimi göstərsin və kiməsə əxlaq dərsi versin. İngilislərin yaxşı sözü var: ”Şkafda öz skeletlərimiz var”. Hərə öz skeletini yadına salsın, görsün, nə dərəcədə əxlaqlıdır, nə dərəcədə əxlaqsızdır. Təşəkkür edirəm.
Sədrlik edən. Hörmətli millət vəkilləri, mən də deyilənlərlə razıyam. Xahiş edirəm, millət vəkillərini dəvət eləyin, gəlsinlər, mövqelərini bildirsinlər. Məlahət xanım Həsənova, buyurun, sonra səsvermə keçirəcəyik.
M. Həsənova. Oqtay müəllim, mənə söz verdiyinizə görə çox sağ olun. Mən digər həmkarlarımdan bir az çox danışacağam, çünki mən burada mənəvi və psixoloji travmanı hamıdan çox hiss etmişəm. Oqtay müəllim, mənim Sizdən xahişim var. Aldığım məlumata görə mən çıxışa yazılanlardan 24-cüyəm. Danışanların bir qisminin bu məsələ ilə bağlı digər fikirləri ortaya çıxır. Bu gün müxalifətdən olan nümayəndələrin də çıxışından gördünüz ki, onlar artıq bu məsələyə siyasi don geyindirməyə hazırdırlar. Sabah bizim bu qərardan sonra deyəcəklər ki, 15 nəfərin qərarı ilə millət vəkilinin toxunulmazlığı götürüldü və sair. Bayaq, bilmirəm, Siyavuş müəllim idi və ya Rəbiyyət xanım idi, dedi ki, bu gün hər kəs mövqeyini bildirməlidir. Bəli, millət vəkilinin toxunulmazlığının ləğv edilməsi məsələsinə baxılır. Ona görə də mən hesab edirəm ki, çıxışa yazılanların hamısının fikri və mövqeyi dinlənilsə, daha yaxşı olar.
Mən də, təbii, bir millət vəkili, azərbaycanlı qadın kimi ən ali orqan olan parlamentdə Azərbaycan əxlaqına, mənəviyyatına yaraşmayan cinayət, xuliqanlıq hadisəsinə ürəkağrısı ilə yanaşıram. Respublikamızın bir çox bölgələrindən azərbaycanlı qadınlar, hətta gənclər müraciət edərək bildirirlər ki, orada təkcə millət vəkilləri təhqir olunmayıb, millət vəkillərinin seçiciləri də təhqir olunublar. Söhbət burada hökumətin tənqidindən getmir, hökuməti biz də tənqid edirik. Hüseyn Abdullayev millət vəkillərini təhqir edib. Burada deyirlər, guya özünü idarə edə bilməyib. Siyasətçinin ən yüksək keyfiyyəti onun siyasi tolerant, dözümlü olmasıdır. Əgər kimsə özünü idarə edə bilmirsə, qoy ətrafındakıları təhqir etməsin, başını vursun divara və biz də görək ki, həqiqətən də, onda nə isə qeyri-normal bir proses baş verib.
Mənim ürəyimdən keçən sözlərin hamısını Bahar xanım, Rəbiyyət xanım, Siyavuş Novruzov və hörmətli Cavid müəllim bildirdilər və onların sözlərinə qoşuluram. Biz bu gün qəti bir münasibət bildirməliyik və mən də İntizam komissiyasının qərarını dəstəkləyirəm. Bundan qabaqkı parlamentdə də belə bir hadisə olmuşdu. Düzdür, bu gün müxalifət nədənsə çox aktivləşib, bunu Yeni Azərbaycan Partiyasının, iqtidarın ayağına yazmaq istəyirlər. Əslində, Hüseyn Abdullayev heç Yeni Azərbaycan Partiyasının üzvü deyil. Bundan qabaqkı parlamentdə Yeni Azərbaycan Partiyasından seçilən millət vəkili bir qədər əsəbiləşib kobud bir söz demişdi. Onda biz, parlamentdə təmsil olunan bütün qadınlar öz münasibətimizi bildirdik. Hörmətli müxalifət millət vəkilləri, onda biz Azərbaycan qadını olaraq öz həmkarımızın hərəkətinə münasibətimizi bildirdik. Siz onu da bilin ki, biz Azərbaycan qadını olaraq, heç vaxt nəsil-nəcabətin təhqir olunduğu bir parlamentdə laqeyd qala bilmərik. Mən bir də xahiş edərdim ki, çıxışlar axıra qədər davam etdirilsin və bu məsələdə kimin hansı mövqe tutduğu bilinsin. Diqqətinizə görə təşəkkür edirəm.
Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, yetərincə çıxışlar oldu. Milli Məclisin bugünkü iclasını siyasi iclasa çevirmək cəhdləri oldu. Gülər xanım çox düzgün qeyd etdi ki, istintaq orqanları tərəfindən bu məsələ araşdırılacaq. Təqdimata əsasən Milli Məclis deputatın toxunulmazlığının ləğv edilməsi barədə rəyini bildirməlidir. Burada başqa bir məsələyə baxılmır. Xahiş edirəm, münasibətinizi bildirəsiniz. Mən məsələni səsə qoydum.

Səsvermənin nəticələri (saat 14.23 dəq.)
Lehinə 74
Əleyhinə 13
Bitərəf 5
Səs vermədi 3 
İştirak edir 95
Nəticə: qəbul edildi

Yerdən. (Eşidilmir.)
Sədrlik edən. Gec təkid edirsiniz. Söz vermirəm. Bitdi. Xahiş edirəm, bir də qeydiyyat keçirilsin.

Qeydiyyat (saat 14.24 dəq.)
İştirak edir 102
Yetərsay 83

Yetərsay var. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri (saat 14.25 dəq.)
Lehinə 79
Əleyhinə 15
Bitərəf 5
Səs vermədi 1  
İştirak edir 100
Nəticə: qəbul edildi

Çox sağ olun. Lehinə 79 nəfər səs verdi, səs çoxluğu ilə qəbul olundu. İclasımız bitdi. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi