2007-ci il 13 aprel tarixli iclasın stenoqramı

ÜÇÜNCÜ  ÇAĞIRIŞ
AZƏRBAYCAN  RESPUBLİKASI
MİLLİ  MƏCLİSİNİN
V  SESSİYASI  İCLASININ

PROTOKOLU  №  48


Milli  Məclisin  iclas  salonu.
13  aprel  2007-ci  il.  Saat  12.

Milli  Məclisin  Sədri
O. Əsədov  sədrlik  etmişdir


İclasda Milli Məclisin 108 deputatı iştirak etmişdir.

İclasa dəvət olunmuşlar:

R. Həşimov, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin Bələdiyyələrlə iş sektorunun müdiri.

M. Səlimzadə, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəisi.

Ə. Babayev,
Azərbaycan Şəhər Bələdiyyələri Milli Assosiasiyasının sədri, Sumqayıt bələdiyyəsinin sədri.

Ş. Yusifov, Azərbaycan Kənd Bələdiyyələri Milli Assosiasiyasının sədri, Samux rayonu Sərkar bələdiyyəsinin sədri.

Ə. Axundov, Bakı şəhəri Nəsimi bələdiyyəsinin sədri.

Z. Cəfərov,
Bakı şəhəri Yasamal bələdiyyəsinin sədri.

F. Əhmədov, Gəncə şəhəri Nizami bələdiyyəsinin sədri.

* * *

S. Kərimov, Azərbaycan Respublikası səhiyyə nazirinin müavini.

N. Məmmədov, Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini.

M. Hümbətov, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin qərargah rəisi.

B. Bağırov,
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İctimai Təhlükəsizlik Baş İdarəsi rəisinin müavini.

V. Məmmədov,
Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri.

A. İbrahimov, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Tərbiyə və hərbi hazırlıq şöbəsinin müdiri.

Ə. Tağıyev, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Tibbi yardımın təşkili şöbəsinin sektor müdiri.

* * *

R. Məlikova, Azərbaycan Respublikası Milli Bankı Hüquq Departamentinin müdiri.

İclasın gündəliyinə aşağıdakı məsələlər daxil idi:

1. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə.

3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədə (ikinci oxunuş).

İclasda qəbul edilmişdir:

1. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

2. Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuşda).

3. Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi (ikinci oxunuşda).

Azərbaycan  Respublikası
Milli  Məclisinin  Sədri O. ƏSƏDOV


 

MİLLİ  MƏCLİSİN  İCLASI

13  aprel  2007-ci  il.  Saat  12.

Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri O. Əsədov  sədrlik  edir

Sədrlik edən. Xoş gördük, hörmətli millət vəkilləri! Xahiş edirəm, qeydiyyatdan keçəsiniz.

Qeydiyyat    (saat 12.00 dəq.)

İştirak edir    101

Yetərsay    83

Çox sağ olun, yetərsay var. Gündəlikdə 3 məsələmiz qalıb. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin müzakirəsinə başlayırıq. Regional məsələlər daimi komissiyasının sədri Arif Rəhimzadəyə söz verilir. Buyurun.

A. Rəhimzadə, Milli Məclisin Regional məsələlər daimi komissiyasının sədri.

Hörmətli Sədr, hörmətli deputatlar! Bələdiyyələrin səlahiyyətləri barədə müddəalar Azərbaycan Respublikasının bir sıra qanunlarında əks etdirilib. Bu baxımdan, ilk növbədə, Azərbaycan Respublikasının Konstitusiyasını, “Bələdiyyələrin statusu haqqında”, “Bələdiyyə əraziləri və torpaqları haqqında”, “Bələdiyyə maliyyəsinin əsasları haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” qanunları göstərmək olar. Hazırda bələdiyyələrin səlahiyyətləri aşağıdakılardır: yerli vergiləri və ödənişləri müəyyən etmək, bələdiyyə mülkiyyətində olan vəsaitdən istifadə barədə sərəncam vermək, yerli sosial müdafiə və sosial inkişaf, iqtisadi inkişaf və ekoloji proqramları qəbul və icra etmək.

Bununla belə, Azərbaycan Respublikası Konstitusiyasının 144-cü maddəsinin I hissəsinin 2-ci bəndində nəzərdə tutulur ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilər. Bələdiyyələrə verilən səlahiyyətlər onlara geniş miqyasda fəaliyyət göstərməyə, yerli məsələlərin həllində aparıcı qüvvə kimi çıxış etməyə imkan yaradır. Bu gün bələdiyyələr yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin həllində, kommunal xidmətlərin həyata keçirilməsində, küçə və parkların yaşıllaşdırılmasında, abadlaşdırılmasında, yerli yolların qaydaya salınmasında, vətəndaşları narahat edən bir çox problemlərin aradan qaldırılmasında, imkansızlara müəyyən maddi köməkliyin edilməsində fəallığı artırırlar.

Milli Məclis tərəfindən Əmək Məcəlləsinə edilmiş düzəlişə görə ilk dəfə olaraq ailə-kəndli təsərrüfatı üzvlərinin əmək fəaliyyətini, əmək stajını təsdiq edən sənədi vermək səlahiyyəti bələdiyyələrə həvalə edilmişdir. Göründüyü kimi, bələdiyyələrin normal fəaliyyət göstərməsi üçün xeyli səlahiyyətləri vardır. Lakin bütün bunlara baxmayaraq, cəmiyyətdə bələdiyyələrin fəaliyyətinin genişləndirilməsi məsələsi fəal müzakirə predmeti olaraq qalır. Ən başlıcası ondan ibarətdir ki, Azərbaycan qanunvericiliyində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi, onların geri alınması və səlahiyyətlərdən imtina qaydaları əks etdirilməyib. Müzakirənizə təqdim edilmiş Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi qanunvericilikdə olan bu boşluğu aradan qaldırmaq məqsədi ilə hazırlanmışdır.

Qanun layihəsində bələdiyyələrə verilə bilən səlahiyyətlər dəqiqləşdirilir. Bələdiyyələrə dövlət mülkiyyətində olan obyektlərin idarə olunması, yaşayış fondu, qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektlərinin istismarı, təhsil, mədəniyyət, səhiyyə, idman, bədən tərbiyəsi sahələrinin idarə və inkişaf etdirilməsi, bələdiyyə ərazisində yerləşən tarixi-mədəniyyət abidələrinin, park və bağların, qəbiristanlıqların abadlaşdırılması, gigiyena və sanitariya-epidemiologiya tədbirlərinin həyata keçirilməsinin təşkili, habelə sanitariya və gigiyena normalarına riayət olunmasının təmin edilməsi, bu sahələrə müvafiq nəzarətin həyata keçirilməsi və vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı bu və digər səlahiyyətlərin verilməsi nəzərdə tutulur. Şübhəsiz ki, bu həcmdə geniş səlahiyyətləri verərkən, bələdiyyələrin onları öz üzərinə götürmək və icra etmək imkanları nəzərə alınmalıdır.

Səlahiyyətlərin bələdiyyələrə tədricən verilməsi, bu işdə müəyyən ardıcıllığın olması və maraqların toqquşması nəticəsində yarana bilən özbaşınalığın aradan götürülməsi məqsədi ilə layihədə nəzərdə tutulur ki, bələdiyyələrə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında veriləcəkdir. Qanun layihəsində bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi və onların geri götürülməsi qaydaları, əlavə səlahiyyətlərin maliyyə təminatı, səlahiyyətlərin icrasında yaranan mübahisələrin həlli mexanizmi və səlahiyyətlərin verilməsi ilə əlaqədar digər məsələlər tənzimlənir.

Qanun layihəsində Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında və digər beynəlxalq aktlarda göstərilən prinsiplər öz əksini tapmış, bələdiyyələrin bugünkü fəaliyyəti, onların imkanlarının və inkişaf səviyyələrinin müxtəlifliyi nəzərə alınmışdır. Layihə işçi qrupunda və komissiyanın iclaslarında Bələdiyyələrin Milli Assosiasiyasının rəhbərlərinin və təcrübəli bələdiyyə sədrlərinin iştirakı ilə müzakirə edilmişdir. Komissiya hesab edir ki, bələdiyyələrə yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə səlahiyyətlərin verilməsi və həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyən edən bu qanun layihəsi birinci oxunuşda konseptual baxımdan müzakirəyə hazırdır. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. İltizam Əkbərli sualını versin, sonra müzakirəyə başlayaq.

İ. Əkbərli. Oqtay müəllim, mənim sualım yoxdur. Mənim adım tabloda birinci yazıldı, sonra da pozuldu.

Sədrlik edən. Yəqin, əliniz dəydi. Əli Məsimli, buyurun.

Ə. Məsimli. Çox sağ olun. Cənab Sədr, hörmətli sədarət, hörmətli millət vəkilləri, xanımlar və cənablar! Hesab edirəm, müzakirəyə təqdim olunan qanun layihəsi Azərbaycan üçün fövqəladə dərəcədə vacib bir sənəddir, ona görə ki, idarəetmənin təşkilati quruluşunun əsaslı surətdə təkmilləşdirilməsinin hüquqi təməlini əks etdirir. Eyni zamanda, yerli özünüidarənin bələdiyyələrə məxsus olması Azərbaycanın Konstitusiyasında və Azərbaycanın qoşulduğu beynəlxalq sənədlərdə, o cümlədən Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasında açıq-aydın göstərilib. Digər tərəfdən, bilavasitə beynəlxalq təcrübə sübut eləyir ki, yuxarıdan idarəetmə sistemi ilə müqayisədə aşağıdan idarəetmə sistemi daha səmərəlidir, əhalinin bilavasitə tələbatının ödənilməsinə və onun qayğılarının həyata keçirilməsinə daha həssasdır. Bu nöqteyi-nəzərdən, hesab edirəm ki, bələdiyyələrin rolunun artırılması böyük əhəmiyyət kəsb edir.

Bələdiyyələrin səlahiyyətlərinin artırılmasına dair qanunu mən bütövlükdə çox mütərəqqi və vacib hesab edirəm. Fikrimcə, konseptual nöqteyi-nəzərdən prinsiplər düzgün qurulub. Bu qanun layihəsinin ən müsbət cəhəti bilavasitə idarəetmənin təşkilati quruluşu təkmilləşən zaman bələdiyyələrin rolunun artmasındadır. Eyni zamanda, qanunun xeyli dərəcədə yığcam xarakter daşıması da onun üstünlüklərindəndir. Bələdiyyələrin rolunun artırılması məsələsi isə, ümumiyyətlə, mütərəqqi bir hadisədir. Bu 3 üstünlük qanun layihəsinin məziyyətlərini ifadə edir.

Çatışmayan cəhəti də qeyd edərdim. Bu qanun layihəsinin konsepsiyası düz olsa da, burada qoyulan məqamlar bir az qətilikdən uzaqdır. Burada məsələlərin qoyuluşu o formada olmamalı idi. “Verə bilər”, “ala bilər” yazılış tərzi ilə bağlı deyim ki, o səlahiyyətləri “verməyə bilər” kimi də qiymətləndirmək olar. Ona görə də bu qanunun konseptual şəkildə təhlil olunmasına, fikir toqquşmasından çıxan müsbət məqamları nəzərə almaqla təkmilləşdirilməsinə böyük ehtiyac var.

Birinci məqam ondan ibarətdir ki, biz əgər, doğrudan da, bələdiyyələrin səlahiyyətlərini artırmaqdan danışırıqsa, onda bir suala cavab verməliyik. Biz hansı modelə gedirik? Əgər klassik modelə gediriksə, dünya praktikasında klassik modelin əsas istiqamətləri artıq məlumdur. Bu da inkişaf etmiş ölkələrdə öz əksini tapır. Yəni dövlət bilavasitə dövlətin, vətəndaşların təhlükəsizliyini qoruyur, vergiləri toplayır, dövlət idarəetmə və tənzimləmə funksiyalarını yerinə yetirir, eləcə də, ölkədə hüququn aliliyini və ədalətliliyin bərqərar olmasını təmin edir. Qalan məsələlər isə yerli xarakterlidir. Xidmətlə bağlı işlər isə 3 quruma – bələdiyyələrə, hüquqi və fiziki şəxslərə verilir. Amma bu qanun layihəsində həmin klassik model görünmür. Klassik model əsasında konsepsiya formalaşmalıdır və qanunun ilk maddəsində göstərildiyi kimi, proqram hazırlanmalıdır. Proqramda mövcud və arzu olunan vəziyyət, nail olma yolları özünü göstərməlidir. Onun hüquqi, maliyyə təminatı və təşkilati tədbirləri öz əksini tapmalıdır. Əgər bu sənədlər hazır olsa idi və onların əsas prinsipləri burada öz əksini tapsaydı, bu qanun layihəsi daha təkmil olardı, bilavasitə səlahiyyətlərin bələdiyyələrə verilməsinin əsas cəhətlərini birmənalı şəkildə ifadə eləyərdi.

İkinci, qanun layihəsi yığcam olsa da, burada elə maddələr var ki, onların mövcudluğu bir sıra qarışıqlıq yaradacaq. Xahiş edirəm, diqqət eləyin, 6-cı – “Səlahiyyətlərinin həyata keçirilməsinin tənzimlənməsi” və 7-ci – “Komissiyanın səlahiyyətləri” və sair maddələr bir sıra qarışıqlıq yaradacaq. Azərbaycan reallığından çıxış eləyəndə səlahiyyətlərin verilməsi və səlahiyyətlər veriləndən sonra onların alınması, hesab edirəm, xeyli dərəcədə əlavə problemlərin yaranmasına gətirib çıxara bilər. Səlahiyyətlər verilirsə, o burada birmənalı şəkildə öz əksini tapmalıdır. Fundamental bir islahat həyata keçirilməklə, sözün həqiqi mənasında, bələdiyyələrin yerli idarəetmədə rolu artırılmalıdır.

Qanunda “verə bilər” kimi ifadələri aradan qaldırmaqdan ötrü bura bir maddənin əlavə olunmasına ehtiyac var. “Verə bilər”, “ala bilər” ifadələri birmənalı şəkildə kənara qoyulmalıdır, qanunda necədirsə, elə olmalıdır. Bunun əvəzinə isə 10-cu maddə kimi keçid müddəaları ortaya çıxa bilər ki, həmin keçid müddəalarında məhz mərhələlilik prinsipi öz əksini tapmış olar.

Qanunun 11-ci maddəsi də olmalıdır. Bütün qanunlarda yazılır ki, nə vaxtdan qüvvəyə minir. Bu qanunda həmin maddə yoxdur. Qanunun dərc edildiyi gündən qüvvəyə minməsi barədə bir maddənin olmasını da məqsədəuyğun hesab edirəm.

Qanunun qəbul edilməsi məsələnin yarısıdır. Onun necə işləməsi isə ikinci bir məsələdir. Əgər biz bu qanunun yaxşı işləməsini təmin etmək istəyiriksə, iki sənədə – “Bələdiyyələrin statusu haqqında” Qanuna və “Yerli icra hakimiyyətlərinin statusuna dair” Əsasnaməyə əsaslı dəyişikliklər etməliyik. Ona görə ki, bələdiyyələr haqqında 20-yə qədər qanun qəbul edilib, bələdiyyələrə bir sıra mühüm vəzifələr tapşırılıb. Amma “Yerli icra hakimiyyətinin statusuna dair” Əsasnamədə bələdiyyələrə aid olan funksiyaların çoxunu icra hakimiyyətləri alıb. Bu nöqteyi-nəzərdən əgər biz bu qanunun işləməsini istəyiriksə, məhz bələdiyyələrlə yerli icra hakimiyyətinin statusunun, onların səlahiyyət hədlərinin müəyyənləşdirilməsi kontekstində qanunvericiliyə birmənalı şəkildə əlavə müddəalar salınmalı və digər qanunlarda da bu, nəzərə alınmalıdır.

Arif müəllim düzgün qeyd elədi, bu məsələ başqa qanunlarla müqayisədə daha çox maraqların toqquşması ilə bağlı məqamları özündə əks etdirdiyinə görə, məhz bu qanunda maraqların toqquşmasının necə aradan qaldırılması məsələsinin də öz əksini tapması işin xeyrinə olar. Mən heç bir dəyişiklik edilmədən bu qanunun qəbul edilməsinin tərəfdarıyam. Fundamental islahatların, idarəetmənin təşkilati quruluşunun təkmilləşdirilməsi mexanizmi vasitəsi ilə yerli özünüidarənin əhəmiyyətinin artırılmasına yönəldiyinə görə bunu mütərəqqi qanun hesab edirəm. Amma qeyd olunanlar nəzərə alınmaqla qanunun təkmilləşdirilərək ikinci oxunuşa çıxarılması ümumi işin xeyrinə olar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Vahid Əhmədov.

V. Əhmədov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsinin Milli Məclisin müzakirəsinə verilməsi, əlbəttə, müsbət haldır. Hər şeydən əvvəl, bu, Azərbaycan Respublikasında idarəetmənin təşkilati formalarının təkmilləşdirilməsi istiqamətində atılan ən müsbət addımlardan biridir. Milli Məclisin əksər iclaslarında, xüsusən də bələdiyyələr və torpaq islahatı ilə bağlı verilən hesabatlarda millət vəkilləri bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsinin həmişə tərəfdarı olublar və öz mövqelərini bildiriblər. Mən də elə hesab edirəm ki, bu gün Milli Məclisin müzakirəsinə verilmiş bu qanun layihəsi, həqiqətən, çox vacibdir, lazımlıdır və qəbul edilməlidir.

Qanun layihəsi ilə əlaqədar olaraq bir sıra məsələlərə münasibətimi bildirmək istəyirəm. Birincisi, Əli müəllim bəzi məsələləri qeyd elədi, mən də hesab edirəm ki, qanun layihəsi konseptual cəhətdən qəbul oluna bilər. Amma burada mübahisə doğuran çox məsələ var. O məsələlər, mənə elə gəlir ki, aradan qaldırılmalıdır.

Birinci, bütün səlahiyyətlərin verilməsi məsələsinə toxunmaq istərdim. O səlahiyyətlər yerli icra hakimiyyəti orqanlarının razılığı ilə verilə bilər. Bilirik ki, heç bir orqan – istər dövlət olsun, istərsə də qeyri-dövlət öz səlahiyyətini başqa quruma vermək istəməz və istəmir də. Çox mübahisəli məsələlər ola bilər. Ona görə qanun layihəsində bu məsələlər konkret şəkildə öz həllini tapmalıdır. Əgər səlahiyyətlərin verilməsi ilə əlaqədar müəyyən proqram təsdiq olunacaqsa, orada hansı səlahiyyətlərin nə vaxt bələdiyyələrə verilməsi konkret olaraq öz əksini tapmalıdır.

Digər bir tərəfdən, mən deyərdim ki, 2-ci maddədə icra hakimiyyəti orqanlarının 80-85 faiz səlahiyyətləri faktiki olaraq bələdiyyələrə verilib. Mən, əlbəttə, bunun tərəfdarıyam. Amma birdən-birə bu səlahiyyətlərin hamısının bələdiyyələrə verilməsi və bu işlərin icrası, maliyyəsi, təşkili, əlbəttə, sual doğuran məsələlərdir.

Bayaq qeyd olundu, ən ciddi məsələ ikitərəfli razılığın əldə olunmasıdır. Burada göstərilir ki, xüsusi komissiya yaradılır və həmin komissiyanın üzvləri həm bələdiyyəni, həm də icra hakimiyyəti orqanlarını təmsil edir. Biri səlahiyyət verən, o biri isə səlahiyyət tələb edən orqandır. Mənə elə gəlir ki, bunlar heç vaxt yuxarının müdaxiləsi olmadan ümumi razılığa gələ bilməzlər. Mən belə hesab edirəm ki, burada ən real olanı məhkəmə yolunu saxlamaqdır. Əgər proqram təsdiq olunursa, onu yuxarı təşkilat təsdiq edirsə, proqrama uyğun olaraq da səlahiyyətlər verilməlidir. O səlahiyyətlərə uyğun olaraq da bələdiyyələrə tam şəkildə maliyyə təminatı verilməlidir. Burada, mənə elə gəlir ki, o səlahiyyətlər verilməkdən imtina edilirsə, o, yalnız məhkəmə yolu ilə həll olunmalıdır.

Ümumi götürüldükdə qeyd eləmək istəyirəm ki, bu qanun layihəsi bu gün Azərbaycanın iqtisadiyyatı, xüsusi ilə də yerli icra hakimiyyəti orqanlarının işləməsi, əhalinin müəyyən məsələlərinin həlli üçün olduqca vacibdir və lazımdır. Ən ciddi məsələlərdən biri də bələdiyyələrin maliyyə təminatıdır. Bilirsiniz, səlahiyyətlər bələdiyyələrə verilə, proqram da təsdiq oluna bilər, amma onun maliyyə təminatı olmayacaqsa, o səlahiyyətləri faktiki olaraq idarə eləmək mümkün deyil. Yəni verilən səlahiyyətlər həddindən artıq çoxdur. Ona görə də maliyyənin verilməsi də çox ciddi məsələdir. Mən keçən dəfə bu barədə Əli müəllimə demişəm. Deməli, səlahiyyətlər verilə bilər, mümkündür. Biz qanun qəbul edirik. Ya bu səlahiyyətlər verilməlidir, ya da verilməməlidir. Biz bu qanunu olduğu kimi qəbul eləyə bilsək, bu səlahiyyətlərin verilməsi çox uzun müddət aparacaq. Çünki icra hakimiyyəti orqanları ilə bələdiyyələr arasında mübahisələr uzanacaq, səlahiyyətlər verilməyəcək və bələdiyyələrin işi də bununla əlaqədar ləngiyəcək. Mən hesab edirəm ki, bu qanun layihəsini konseptual cəhətdən qəbul etmək olar, amma üzərində işləmək lazımdır. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Azay Quliyev.

A. Quliyev. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də öz həmkarlarımın fikirlərinə qoşularaq bildirmək istəyirəm ki, bu gün müzakirəmizə təqdim olunmuş qanun layihəsi, bir az obrazlı desək, yerli idarəçilik sistemində inqilabi dəyişikliyə gətirib çıxaran bir sənəddir. Həqiqətən də, Azərbaycan Respublikasında gedən vətəndaş cəmiyyəti quruculuğu, əks-mərkəzləşmə prosesinin sürətlənməsi, yerli özünüidarəetmənin səlahiyyətlərinin və vəzifələrinin artırılması baxımından bu layihə müstəsna və fövqəladə təsirə malikdir. Bu baxımdan mən sevincimi həmkarlarımla bölüşmək istəyirəm ki, nəhayət, uzun müddət aparılan müzakirələr və diskussiyalardan sonra belə bir layihə bizə təqdim olunubdur. Bununla yanaşı, hesab edirəm ki, bu gün bizi cəmiyyət olaraq, Milli Məclis olaraq, bələdiyyə təsisatının təmsilçisi olaraq bir məsələ düşündürməlidir. Bu səlahiyyətlər necə verilməlidir? Ümumiyyətlə, bu səlahiyyətlərin verilməsi zamanı konkret olaraq hansı prioritetlər tətbiq olunmalıdır? Ümumiyyətlə, bu gün Azərbaycanda bələdiyyə sektoru bu səlahiyyətləri tam şəkildə qəbul etməyə hazırdırmı? Təbii ki, bu kimi suallar, mənə elə gəlir ki, birmənalı şəkildə hamımızı düşündürməlidir və yəqin ki, qanunun icrasında da biz bunun şahidi olacağıq.

Hörmətli millət vəkilləri, mən istərdim, bir neçə ümumi məsələyə toxunam, bəzi təkliflərimi sizinlə bölüşəm. Bugünkü bələdiyyələrin imkanlarına, onların mənsub olduğu infrastruktura, kadrlara və onların bilik və bacarığına toxunmaq istəyirəm. Müvafiq qurumlardan, hörmətli Arif Rəhimzadədən soruşmaq istəyirəm ki, bir neçə bələdiyyəni çıxmaq şərti ilə Azərbaycanda bələdiyyə sektoru təhsillə, səhiyyə ilə, mədəniyyətlə, nəqliyyatla bağlı olan problemləri öz üzərinə götürməyə, o səlahiyyətləri həyata keçirməyə hazırdırmı? Mən bir daha vurğulamaq istəyirəm ki, mən bunun tərəfdarıyam, bu çox böyük bir hadisədir, biz bu gün səlahiyyətləri icra hakimiyyətindən alıb bələdiyyələrə veririk. Mənə elə gəlir ki, səsləndirdiyim suala aydınlıq gətirməliyik. Bunun üçün isə düşünürəm ki, yaxşı olardı, bir qrup yaradılsın, bələdiyyələrin hazırkı vəziyyətinin monitorinqi aparılsın. Şəxsən mənim üçün qaranlıqdır ki, bütün Azərbaycanın rayonlarında, kəndlərində əhali, ümumiyyətlə, bələdiyyələrin fəaliyyətindən nə qədər razıdır? Onların həyata keçirdiyi sosial proqramlar əhalinin qayğılarını və ehtiyaclarını nə qədər qarşılayır? Mənə elə gəlir ki, bu suallara aydınlıq gətirmək üçün belə bir monitorinqə, həqiqətən də, ehtiyac var.

Qanun layihəsinin 3.1-ci maddəsində icra hakimiyyətlərinin öz səlahiyyətlərini könüllü olaraq müqavilə əsasında bələdiyyələrə verməsi əks olunub. Mən bilmirəm, bu zalda əyləşən elə bir şəxs varmı ki, buna tam şəkildə inansın? Ona görə də burada müəyyən mənada konkretliyə ehtiyac var. Mən əvvəlki fikrimə qayıtmaq istəyirəm ki, bu gün bələdiyyələr bunu tam şəkildə qəbul etməyə hazır deyilsə, onda yaxşı olardı, ilkin olaraq keçid dövrü üçün pilot olaraq müəyyən səlahiyyətləri dəqiqləşdirək və mərkəzləşdirilmiş qaydada bələdiyyələrə verə bilək. Əks təqdirdə məndə belə şübhə var ki, həmin səlahiyyətlər ya tam şəkildə verilməyəcək, ya da bu məsələ komissiyanın daimi mübahisə predmetinə çevriləcəkdir. Beləliklə, biz nəzərdə tutduğumuz hədəfə tam və doğru şəkildə gedə bilməyəcəyik. Ona görə də mənə belə gəlir ki, 3.1-ci maddəni konkretləşdirsək, daha yaxşı olardı.

5-ci maddədə bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin maliyyə təminatı ilə bağlı fikir əks olunur. 5.2-ci maddədə göstərilir ki, razılaşma əsasında bələdiyyələr onlara verilən əlavə səlahiyyətlərin həyata keçirilməsi üçün maliyyə vəsaitini tələb etməyə də bilər. Bu, yenə də açıq qalır. Bu gün elə bir bələdiyyə varmı ki, öz imkanları hesabına bu cür böyük, mühüm səlahiyyətləri həyata keçirə bilsin və müəyyən mənada maliyyə təminatı istəməsin. Düzdür, deyilə bilər ki, bu, indi sərbəst şəkildə bələdiyyələrin öz imkanlarına buraxılır, ola bilsin, gələcəkdə imkanlar artsın. Təbii ki, mən də bu məntiqi qəbul edirəm. Amma eyni zamanda, düşünürəm ki, bu gün qanunu biz qəbul ediriksə, onda burada konkret olaraq reallığa söykənən, Azərbaycanın imkanlarına bilavasitə cavab verən müddəalar əks edilsə, daha yaxşı olar. Mən düşünürəm ki, bu gün heç bir bələdiyyə təhsillə, səhiyyə ilə, mədəniyyətlə bağlı məsələləri öz daxili imkanları hesabına həll edə bilməz. Bunun üçün dövlət vəsaiti gərəkdir. Təbii ki, əgər bu səlahiyyət verilirsə, o, birmənalı şəkildə bələdiyyə strukturlarına verilməlidir.

Bir daha bildirirəm ki, bu, doğrudan da, çox mühüm layihədir. Bu qanunun qəbulu yerli özünüidarə təsisatlarının formalaşdırılmasına çox böyük bir təkan olacaq, Azərbaycanda bələdiyyə sisteminin beynəlxalq standartlara cavab verməsinə öz töhfəsini verəcəkdir. Mən çox arzu edərdim ki, bu qanun qəbul edildikdən sonra icrası müvəffəqiyyətlə həyata keçirilsin və nəhayət, inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, Azərbaycanda da bələdiyyələrin fəaliyyəti, rolu açıq şəkildə hiss olunsun və cari məsələlər, kommunal xarakterli problemlər yerli idarəetmə orqanları tərəfindən həyata keçirilsin. Mən bu qanun layihəsinin birinci oxunuşda qəbul edilməsinə səs verəcəyəm və həmkarlarımı da layihəni dəstəkləməyə dəvət edirəm. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Sağ olun. Fazil Mustafayev.

F. Mustafayev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu gün, həqiqətən də, çox maraqlı bir mövzu ilə bağlı müzakirə aparırıq. Adətən, qanun yaradıcılığı bir istiqamətdə getməlidir. Bu da ondan ibarətdir ki, qanun cəmiyyətdə olan real münasibətləri tənzimləməlidir. Amma biz də ikili xarakterli qanunlar qəbul edirik. Bunlara birinci, real ictimai münasibətləri tənzimləyən, ikincisi isə Avropa qurumları ilə olan münasibətlərimizi tənzimləyən qanunlar daxildir. Təbii ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun Azərbaycanda real ictimai münasibətlərin tənzimlənməsinə xidmət edən qanun kimi qəbul edilə bilməz. Bu, Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının tələblərinə əsasən qəbul olunur, amma hər bir halda biz gələcəkdə bunun işlək bir qanuna çevrilməsi üçün düşünməliyik.

Ümumiyyətlə, belə bir qanunun qəbul olunmasına zərurət varmı? Bu nə dərəcədə Konstitusiyaya uyğundur? Mən istəyirəm ki, birinci buna münasibət bildirəm. Konstitusiyanın 144-cü maddəsində göstərilir ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər də verilə bilər. Bu səlahiyyətlərin həyata keçirilməsi üçün bələdiyyə üzrə müvafiq zəruri vəsait də ayrılmalıdır. Burada söhbət gələcəkdə müvafiq icra hakimiyyətinin verdiyi səlahiyyətlərdən gedir. Gələcəkdə qanunverici orqan da səlahiyyətlərinin bəzilərini bələdiyyələrə verəcəksə, biz yenidənmi bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi haqqında qanun qəbul etməliyik? Halbuki mövcud qanunvericilik var. “Bələdiyyələrin statusu haqqında” Qanun var. Onlara düzəlişlər etməklə biz burada nəzərdə tutulan bir sıra müddəaları orada əks etdirə bilərik. Qanunun özünün də konsepsiyasında elə müddəalar var ki, Konstitusiyanın müddəalarına ziddir. Yəni burada göstərilir ki, maliyyə vəsaiti ayrılmalıdır, amma qanun da verilir ki, bu vəsaiti ayırmaqdan imtina da edə bilər. Bu da gələcəkdə açıq-aşkar korrupsiyaya yol açan bir amildir. Məsələn, icra hakimiyyətləri Azərbaycan sayağı tender formasında göstərə bilərlər ki, mən o bələdiyyəyə bunu verirəm, o məndən maliyyə vəsaiti istəməyəcək. Vəssalam. Bununla da, əslində, imkanı çatan bələdiyyələr, demək olar ki, kənarda qalacaqlar.

Ona görə də mən belə bir qanun layihəsinin səs çoxluğu ilə qəbul edilməsini məqsədəuyğun hesab etmirəm. Yox, əgər qəbul edəcəyiksə, onda heç olmasa, qanunverici orqan tərəfindən də bələdiyyələrə veriləcək əlavə səlahiyyətləri birlikdə həll etmək daha məqsədəuyğun olardı. Yalnız icra hakimiyyəti orqanı tərəfindən verilən səlahiyyəti burada əks etdiririk ki, bu da yarımçıq olur. Hesab edirəm ki, bu qanunu indi qəbul eləmək heç bir mənada doğru olmayacaqdır.

Digər tərəfdən, Konstitusiyada bələdiyyələrin anlayışı verilib. Göstərilir ki, bələdiyyə qanunla müəyyən edilmiş ərazi hüdudları daxilində yerli özünüidarəetmə forması sayılır. İndi, tutaq ki, müvafiq icra orqanı Səbail rayonunda yerləşən əmlakı və yaxud da müəssisəni verməlidir. Amma Səbail rayonunun bunu göstərməyə imkanı olmadığı üçün onu Sabunçu rayonuna verəcək. Bu, ciddi bir qarışıqlıq yaradacaq. Ona görə də bu qanun o vaxt qəbul oluna bilər ki, bələdiyyə strukturunda ciddi islahatlar həyata keçirilsin. Yəni ikili idarəetmə sistemi aradan qalxsın. Mütləq Bakı böyük şəhər bələdiyyəsi yaradılmalıdır ki, bir çox ərazi mübahisələri ona verilən səlahiyyətlər çərçivəsində həll olunsun. Hesab edirəm ki, ərazi məsələlərində ciddi problemlər yaranacaqdır.

Sonra, burada müvafiq icra hakimiyyətinin proqramından söhbət gedir. Bu proqramda hansı konkret səlahiyyətlərin verilməsi məsələsi nəzərdə tutulacaqdır? Bunun özü də bir anlaşılmazlıqdır. Bu proqramın səmərəli olması üçün hansı mexanizm düşünülüb ki, həqiqətən, bu səlahiyyətlərin icra hakimiyyətindən alınıb bələdiyyələrə verilməsi daha faydalı olacaq. Bələdiyyələrin durumu bəllidir, onlar özlərini dolandıra, öz vergilərini yığa bilmirlər. Belə bir vəziyyətdə bu səlahiyyətlərin verilməsi, sadəcə, şəxsi münasibətlərin daha böyük rol oynamasına səbəb olacaqdır.

Burada digər ciddi məsələlərdən biri də qanunvericiliyə uyğun olaraq verilə bilən digər səlahiyyətlərlə bağlıdır. Qanunvericiliyə uyğun olaraq verilə bilən digər səlahiyyətlər nə deməkdir? Qanunda bu səlahiyyətlərin verilməsi ilə bağlı müddəalar bir-bir göstərilməlidir. Əgər burada bir boşluq saxlanılırsa, bu, yenə də ortaya ciddi nöqsanların çıxmasına səbəb olacaqdır. Bu qanunda səlahiyyətlərin dəqiq sferası öz əksini tapmalıdır.

Burada komissiyaların yaradılmasından söhbət gedir. Biz MSK paritet əsaslarla formalaşdırılmalıdır deyəndə, hakim partiyanın təmsilçiləri qeyd edirlər ki, belə olmaz. Amma bu qanunda gələcək mübahisələrə əsas vermək üçün paritet əsaslı komissiya yaradırıq. Orada hər orqanın 5 təmsilçisi iştirak edir. Burada hansı qərar qəbul oluna bilər? Hər kəsin öz marağı var, ona görə heç qərar qəbul edilməyəcək. Gələcəkdə bu cür mübahisələrə yol aça biləcək maddələrin qanunda saxlanılması heç bir halda məqsədəuyğun deyil.

5.4-cü maddədə də belə bir hal nəzərdə tutulub. Deməli, bu səlahiyyətlər verildikdən sonra, bələdiyyələr onu icra edə bilmədikdə onun yenidən geri alınması saxlanılır. Sonra da 1 ay ərzində bələdiyyələr bu barədə müvafiq icra orqanına məlumat verirlər. Bu o deməkdir ki, kimsə səhv qərarla, yaxud ölçüb-biçmədən bələdiyyəyə müvafiq sənədləri verə bilər və sabah da münasibətlər pozuldusa, bunu geri ala bilər. Burada da ciddi bir məsuliyyət mexanizmi nəzərdə tutulmalıdır ki, artıq hər hansı əhvali-ruhiyyə əsasında qəbul olunan qərarlara yol verilməsin. Bunlar bələdiyyənin büdcəsi, imkanları dəqiq nəzərə alınmaqla verilsin ki, sonradan hər hansı bir şəkildə bunun geri qaytarılması, ya da ondan imtina edilməsi proseduru genişlənməsin.

Ümumiyyətlə, mən hesab edirəm ki, bu qanunun qəbul olunması tezdir. Bunun bünövrəsi yoxdur və onun olması üçün də bir neçə məsələ öz həllini tapmalıdır. Birinci növbədə Bakı şəhər böyük bələdiyyəsinin yaradılması məsələsi çözülməlidir. Ola bilsin, rayonlarda bu mexanizm işləyəcək, çünki onlar balacadır. Bir icra hakimiyyəti, bir də bələdiyyə var. Amma görürsünüzmü, Bakı şəhərinin rayonlar arasında ərazi bölgüsündə, adi torpaq məsələsində nə qədər mübahisələr düşür. Sabunçu rayonu ilə Abşeron rayonu, Abşeron rayonu ilə Suraxanı rayonu arasında ciddi mübahisələr var. Bu, gələcəkdə mübahisələrin daha da genişlənməsinə səbəb ola bilər. Məncə, biz indi daha çox düşünməliyik ki, statistika naminə qanunların sayını artırmayaq. Bələdiyyələrlə bağlı qanunvericilikdə olan müddəalara bu səlahiyyətləri də əlavə eləməklə, qanunun qəbul edilməsi, məncə, daha məqsədəuyğun ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Vidadi Məmmədov.

V. Məmmədov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Azərbaycan müstəqil, dünyəvi, inkişaf etmiş dövlətlərə inteqrasiya edən ölkələr sırasındadır, ona görə də idarəetmədə yeni qurum olan bələdiyyələr inkişaf etdirilməlidir. Bu baxımdan ölkədə bələdiyyə təsisatını təkmilləşdirmək və inkişaf etdirmək məqsədi ilə Milli Məclisə Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi təqdim olunmuşdur. Bu, çox vacib qanun layihəsidir.

Mən də bəzi məqamlara öz münasibətimi bildirmək istəyirəm. 2-ci maddədə bələdiyyələr üçün çox geniş səlahiyyətlər və iş həcmi nəzərdə tutulmuşdur. Qanun layihəsinin 1.1-ci maddəsində yazılır ki, icra strukturları göstərilən səlahiyyətlərdən istədiyini bələdiyyələrə verə bilər. Belə çıxır ki, verməyə də bilər. Hesab edirəm ki, bu, bir növ bələdiyyələri icra strukturundan asılı vəziyyətə salır. Əgər icra hakimiyyəti orqanları göstərilən səlahiyyətlərin hamısını bələdiyyələrə verərsə, onda böyük təcrübəsi olmayan bələdiyyələr bu qədər səlahiyyətlərin və iş həcminin öhdəsindən gələ bilməyəcəklər. Məsələnin öz aralarında həll edilməsinə icazə verilərsə, burada narazılıqlar və məsələyə müxtəlif cür yanaşmalar olacaqdır. Ona görə belə hesab edirəm ki, ilk müddətə göstərilən səlahiyyətlərin bir hissəsi bələdiyyələrə verilsin. Qalan səlahiyyətlər də müəyyən vaxt keçdikdən sonra, yəni hissə-hissə, qanunda vaxtaşırı dəyişikliklər edilməklə bələdiyyələrə verilərsə, daha yaxşı olardı. Qanun layihəsinin birinci oxunuşda qəbul olunmasına səs verəcəyəm və deputat həmkarlarımı da bu sənədə müsbət səsverməyə çağırıram Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Ziyafət Əsgərov.

Z. Əsgərov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bu qanun layihəsi ilə əlaqədar mən də öz fikirlərimi sizinlə bölüşmək istəyirəm. Əvvəlcə deyim ki, bu cür qanunların qəbul edilməsi yerli demokratiyanın inkişafı nöqteyi-nəzərindən olduqca vacibdir. Çünki bələdiyyələr bizdə yeni, gənc institutdur. Ona görə də gənc demokratik dövlətlər üçün bu cür təsisatın formalaşması nöqteyi-nəzərindən bu qanunların böyük əhəmiyyəti var.

Vaxtınızı çox almamaq üçün mən konkret məsələlərə keçirəm. Burada həmkarlarımın əksəriyyəti tərəfindən belə bir fikir səsləndi ki, bu səlahiyyətlər verilə bilər, verilməyə də bilər və niyə hamısı verilmir? İstəyirəm, bu qəbildən olan məsələlərə aydınlıq gətirəm. Bu “verilə bilər” anlayışı bizim bir çox qanunlarımızda var. Özü də təkcə bələdiyyələrlə bağlı qanunvericilik aktlarında deyil, hətta Cinayət Məcəlləsində, Mülki Məcəllədə və digər qanunvericilik aktlarında bu var və belə də olmalıdır. Hüquqşünaslıqda qəbul olunmuş məsələdir, yer var ki, orada imperativ norma olmalıdır, yer var, orada dispozitiv və ya alternativ normalar olmalıdır. Fikir versəniz, hətta Cinayət Məcəlləsinin özündə bir dənə mütləq müəyyən sanksiya tapa bilməzsiniz. Orada hamısı nisbi müəyyən sanksiyalardır. Misal üçün, 3 ildən 5 ilə qədər, 5 ildən 8 ilə qədər göstərilir. Yəni məhkəmə cəzanı müəyyən edəndə məhkumun şəxsiyyəti, müəyyən işə təsiri ilə bağlı məsələlər nəzərə alınmalıdır.

“Verilə bilər” anlayışı Konstitusiyanın özündən gəlir. Konstitusiyamızın 144-cü maddəsində yazılıb ki, bələdiyyələrə qanunvericilik və icra hakimiyyətləri tərəfindən əlavə səlahiyyətlər verilə bilər. Nə üçün “verilə bilər” yazılır, amma “verməlidir” ifadəsi yoxdur? Burada ikinci bir məsələ meydana çıxır. Çıxış edən həmkarlarımın çıxışlarında da müəyyən ziddiyyətli məqamlar var. Bir tərəfdən deyirsiniz ki, niyə “verilə bilər” yazılır, “verilməlidir” yazılmalıdır. Digər tərəfdən də deyirsiniz ki, bələdiyyələr bu səlahiyyətləri həzm etməyə hazırdırmı? Bu cür sualların qarşısını almaq üçün biz birinci növbədə yerli idarəetmə orqanları ilə yerli özünüidarəetmə orqanları arasında səlahiyyətləri dəqiq müəyyən etməliyik. Bizdə icra hakimiyyəti orqanı yerli idarəetmə, bələdiyyələr isə yerli özünüidarəetmə orqanıdır. Ona görə çalışmaq lazımdır, bu qanunda dəqiq bölgü aparılsın və bələdiyyələrlə bağlı bu məsələlər daha problem yaratmasın. Çox təəssüf ki, biz istəsək də, istəməsək də, bizdə belə problemlər var.

Hesab edirəm ki, bələdiyyələrin hələ formalaşma prosesinin getdiyi bir dövrdə konkret olaraq filan səlahiyyətlərin bələdiyyələrə verilməsini yazmaq düzgün deyil. Niyə? Çünki biz sabah həmin bələdiyyə ona verilən səlahiyyətin öhdəsindən gələ bilmədiyi halda hansı vəziyyətə düşəcəyik? Ona görə müəyyən sınaq dövrü olmalıdır. Müəyyən səlahiyyətlər burada nəzərdə tutulub. Biz bələdiyyələrə 6-7 il zaman verək, görək, bu sınaq dövründə o səlahiyyətlər necə icra olunur. Yəni “verilə bilər” anlayışı icra hakimiyyətinə o şəraiti yaradır ki, sabah o səlahiyyəti verəndə və bələdiyyələr həmin səlahiyyəti icra edə bilməyəndə artıq onu geri almaq imkanı olsun. Yoxsa səlahiyyəti verək, sonra da başlı-başına buraxaq? Bu da düzgün olmaz. Əgər sübut olunsa ki, doğrudan da, həmin səlahiyyətlərin öhdəsindən yüksək səviyyədə gəlirlər, onda bu məsələyə nöqtə qoymaq olar.

Burada digər səlahiyyətlər məsələsi də meydana çıxdı. Hesab edirəm ki, bu da yerində olan məsələdir. Biz dövlət olaraq, cəmiyyət olaraq, xalq olaraq inkişaf edirik. Kim təminat verə bilər ki, 2 ildən sonra yerlərdə meydana çıxa biləcək məsələləri bələdiyyələrin səlahiyyətinə verməyəcəyik? Biz onu bu gün görməyə bilərik, amma 2 ildən sonra o məsələlər meydana çıxa bilər. Ona görə də həmişə qanunda gələcək üçün nəzərdə tutulan normaların olması olduqca vacibdir.

Fazil Mustafayev burada komissiyalar məsələsinə toxundu. Mən tamamilə bu fikirlə razıyam. Arif müəllim, bəlkə də buna baxmaq olar, bu komissiyaların paritet əsaslarla yaradılması sonradan, doğrudan da, müəyyən problemlər yarada bilər. Çox şadam ki, həmkarım Fazil Mustafayev, nəhayət, müxalifət nümayəndəsi olaraq təsdiq elədi ki, MSK-nı paritet əsaslarla tərtib etmək olmaz. Fazil bəy, görürsünüz, komissiyanı paritet əsaslarla tərtib edəndə bu cür problemlər yaranır. Düz deyirsiniz, mən Sizinlə razıyam. Sağ olun, təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Gülhüseyn Əhmədov.

G. Əhmədov.
Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli deputatlar! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi müvafiq icra hakimiyyəti tərəfindən hazırlanmış proqram əsasında bələdiyyələrə veriləcək səlahiyyətlərin və onların icrası qaydasının həyata keçirilməsi üçün vacib bir sənəddir. Əlbəttə, bu qanun həmin ərazidə yerli əhəmiyyətli məsələlərin səmərəli və vaxtında həlli üçün böyük rol oynayacaqdır. Bələdiyyələrə dövlət mülkiyyətində olan obyektlərin, yaşayış binalarının, yerli infrastruktur obyektlərin, ictimai nəqliyyat və təsərrüfat yollarının istismarı və idarə olunması, təhsil, mədəniyyət, idman müəssisələrinin inkişaf etdirilməsi və qanunvericiliyə uyğun digər səlahiyyətlərin verilməsi ölkəmiz üçün yeni olan bələdiyyə qurumlarının inkişaf və formalaşmasına şərait yaradacaqdır. Bununla bərabər, yerlərdə ortaya çıxacaq problemlərin həlli istiqamətində bələdiyyələr daha çevik addımlar atacaqlar.

Bu səlahiyyətlər bələdiyyələrə müvafiq icra hakimiyyəti orqanı ilə ikitərəfli müqavilə əsasında veriləcəkdir. Burada həmkarlarım da qeyd etdilər, həqiqətən, çox böyük səlahiyyətlərin verilməsi bugünkü bələdiyyə qurumlarında çətinliklər yaradacaqdır. Eyni zamanda, qanun layihəsində göstərilir ki, bələdiyyələrin bu səlahiyyətləri həyata keçirməsi üçün müvafiq icra hakimiyyəti orqanı maliyyə vəsaiti də ayıra bilər. Mən istəyirəm ki, burada ortaya çıxacaq bəzi məsələlərə öz fikrimi bildirim. Bu çox çətin olacaq. Çünki yerlərdə bu səlahiyyətlərin icra orqanlarından alınıb bələdiyyə orqanlarına verilməsi böyük mübahisələrə, yazışmalara səbəb olacaqdır.

2-ci maddədə göstərilir ki, bələdiyyələrə vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən səlahiyyətlər verilir. Bu gün o, bələdiyyələrə verilsə, inanın ki, icra orqanları ilə bələdiyyələr arasında kəskin mübahisələr yaranacaq. Prezidentin İcra Aparatına, bizim Milli Məclisə, Nazirlər Kabinetinə qədər yazışmalar olacaq və bunun qarşısını almaq qeyri-mümkün olacaq. Bu səlahiyyətlər bələdiyyələrə verilsə, Ədliyyə Nazirliyinin VVAQ orqanı nə işlə məşğul olacaq? Bu məsələlər bir az çətinlik törədir.

Layihənin 5-ci maddəsində göstərilir ki, razılaşma əsasında bələdiyyələrə veriləcək səlahiyyətlərin icrası üçün maliyyə vəsaiti ayrıla bilər. İstəsələr, bələdiyyələr həmin maliyyə vəsaitini götürməyə də bilərlər. İnanın ki, bu, qeyri-mümkündür. Dövlət büdcəsindən ayrılan vəsait bələdiyyələrə verilməyəcək? Oqtay müəllim, onda bu, korrupsiyaya yol açacaq. Başqa cür ola bilməz. Əgər təhsil müəssisəsinə büdcədən vəsait ayrılıbsa, bu, bələdiyyələrə verilməlidir. Əgər verilməyəcəksə, sonda biz başqa halların şahidi olacağıq. Hamıya məlumdur ki, bələdiyyələr əllərində geniş səlahiyyət olmadığı üçün yerlərdə vergiləri yığa bilmirlər, maliyyə vəsaiti sarıdan çox çətinlik çəkirlər.

Mən keçən həftə, Oqtay müəllim, Kürdəmir rayonunun 15 bələdiyyəsinin ərazisində olmuşam və seçicilərlə görüş keçirmişəm. Onların xahişi budur ki, dövlət büdcəsindən onlara müəyyən vəsait ayrılsın. Biz bilirik ki, may ayında büdcəyə yenidən baxacağıq. Oqtay müəllim, Sizdən xahiş edirəm ki, büdcəyə yenidən baxılanda bələdiyyələrə, heç olmasa, müəyyən köməklik edək ki, onlar yerlərdə iş görə bilsinlər. Mən Sizdən xahiş edirəm ki, nüfuzunuzdan istifadə edərək bu işdə bələdiyyələrə köməklik göstərəsiniz.

Hesab edirəm ki, bu qanunu konseptual baxımdan qəbul etmək olar. Ancaq bunun üzərində çox işləmək lazımdır ki, ortalığa yaxşı bir qanun çıxsın. İnanıram ki, bu qanun qüvvəyə mindikdən sonra yerlərdə bələdiyyələr öz işlərini daha səmərəli quracaqlar, bu gün ölkəmizdə aparılan abadlıq, quruculuq işlərinə təkan verəcəklər və nəticədə həmin ərazidə yaşayan əhalinin mənafeyinə daha yaxşı xidmət edəcəklər. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Tahir Rzayev.

T. Rzayev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi günün tələblərindən irəli gəlir. Yerli özünüidarəetmə orqanlarının fəaliyyətinin genişlənməsi, yerli sosial-iqtisadi məsələlərin həllində onların rolunun artması, əhalinin bu orqanlara daha mühüm tələblərlə yanaşması belə bir zərurəti meydana çıxarır. Digər tərəfdən, Azərbaycan dövləti ölkədə demokratiyanın və vətəndaş cəmiyyəti quruculuğunun bir forması olan bələdiyyələrin inkişafında maraqlıdır və özünüidarəetmənin genişlənməsinə də mühüm əhəmiyyət verir.

Azərbaycanda bələdiyyələrə fəaliyyətsiz bir orqan kimi qiymət verənlərin fikri ilə heç cür razılaşmaq olmaz. Əgər bu gün yerli özünüidarəetmə orqanlarında 50 minə yaxın bələdiyyə üzvü, qulluqçusu və işçisi fəaliyyət göstərirsə, bələdiyyələrin həyata keçirdiyi tədbirlərə – abadlıq, tikinti-quraşdırma, xeyriyyə işlərinə 10 minlərlə insan cəlb olunursa və onlara əmək haqqı verilirsə, belə bir orqanı fəaliyyətsiz adlandırmaq məntiqə uyğun deyil. Respublikada öz işini səmərəli quran, yaxşı işlər görən bələdiyyələr çoxdur. Etiraf etmək lazımdır ki, bu gün regionlarda, eləcə də, şəhərlərin özlərində küçələrin təmizlənməsi, məişət tullantılarının toplanması, daşınması, yaşıllıqların suvarılması, qorunması, yerli əhəmiyyətli yolların təmiri, bir çox kommunal xidmətlərin göstərilməsi bələdiyyələrin üzərinə düşür. Onlar bu işlərin müəyyən hissəsini həyata keçirirlər. Ancaq bu vəzifələrin səlahiyyətlərinin həyata keçirilməsi qanunla tənzimlənmir və bələdiyyələrə bununla əlaqədar heç bir vəsait ayrılmır.

Bu gün icra hakimiyyəti orqanlarının səlahiyyətlərində bir çox obyektlər – qeyri-yaşayış, xidmət binaları, kiçik emal müəssisələri, tədarük xidmət bazaları var ki, onlar uzun müddətdir idarə olunmurlar, məhv olub gedirlər. Elə bilirəm ki, bu binalardan və əmlakdan bələdiyyələr əhalinin tələb və ehtiyaclarının dolğun ödənilməsi, yerli əhəmiyyətli sosial-iqtisadi məsələlərin səmərəli həlli üçün istifadə edə bilərlər. Ona görə də bu qanunda göstərilən müəyyən səlahiyyətlərin bələdiyyələrə verilməsi məqsədəuyğundur və bələdiyyələrin gələcək inkişafı üçün əhəmiyyətlidir.

Bələdiyyələrə səlahiyyətlərin verilməsi vacib olduğu kimi, bələdiyyələr də onlara verilmiş səlahiyyətlərdən qanunauyğun istifadə etməyə borcludurlar. Təəssüflər olsun, bu gün elə bələdiyyələr var ki, çox vaxt səlahiyyət həddini aşır, qanunları pozur, əhalinin tələb və ehtiyaclarına məhəl qoymur, özbaşınalıq edirlər. Bəzi bələdiyyələr qanunlara, hüquqi normativ aktlara deyil, kiminsə verdiyi sərəncama, tapşırığa əsaslanırlar. Belə hallar bələdiyyə torpaqlarının mülkiyyətə və icarəyə verilməsində, torpaqların qiymətləndirilməsində, bələdiyyə büdcəsinin tərtib olunmasında və istifadə edilməsində özünü göstərir. Bələdiyyələr öz səlahiyyətlərindən istifadə edib onların fəaliyyətinə mane olan halların aradan qaldırılmasına lazımi təşəbbüs göstərmirlər. Məsələn, bu gün bələdiyyələr tərəfindən xüsusi ayrılmış torpaq sahələrində stasionar və səyyar ticarət, ictimai iaşə və digər xidmətlərə görə ödənişlərin hansı qaydada hesablanıb alınması barədə bələdiyyələr müfəssəl biliyə, normativ hüquqi sənədə malik deyillər. Əksər hallarda bələdiyyələrə ayrılmış torpaq sahələrində fəaliyyət göstərən sahibkardan torpaq sahəsindən istifadəyə və icarəyə görə haqq aldıqları halda onlardan əlavə xidmətə və sahibkarlıq fəaliyyətinə icazə verilməsinə görə ödəniş tələb etmirlər. Mehmanxana, turizm və reklam xidmətləri üçün ödənişlərin alınmasında bələdiyyələr passivlik göstərirlər. Bu hallar da onların büdcələrinə ciddi ziyan vurur. Buna görə də belə bir qanunun qəbul olunması çox vacibdir.

Azərbaycanda fəaliyyət göstərən 2757 bələdiyyədən minə yaxını kiçik bələdiyyələrdir. Demək olar ki, onların lazımi mülkiyyəti, maliyyə vəsaitləri yox dərəcəsindədir. Belə hallarda bu bələdiyyələrin sərbəst fəaliyyət göstərməsi, əhalinin tələbatının ödənilməsi qeyri-mümkündür. Bu bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi də lazımi nəticə verməyəcəkdir. Ona görə də gələcəkdə bələdiyyələrin birləşməsi, təkmilləşməsi sahəsində müəyyən tədbirlərin həyata keçirilməsi vacibdir. Qanunvericiliyə uyğun olaraq bələdiyyələr özləri buna təşəbbüs göstərməlidirlər. Çünki inkişaf etmiş bir çox ölkələrdə bu öz faydasını vermiş, kiçik bələdiyyələrin birləşməsi yerli özünüidarəetmə orqanlarının fəaliyyətini və maliyyə imkanlarını yaxşılaşdırmışdır. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında Azərbaycan Respublikası qanununun layihəsi də, elə bilirəm ki, bələdiyyələrin fəaliyyətini genişləndirməklə bərabər, həm də bir çox nöqsanların aradan qaldırılmasına imkan verəcəkdir.

Burada həmkarlarım bir çox məsələlər qaldırdılar, istəyirəm, onların bəzilərinə münasibətimi bildirəm. Burada elə bir fikir formalaşdı ki, guya səlahiyyətlərin hamısı bələdiyyələrə birdən verilməlidir. Ancaq bu belə deyil. Əgər bu gün bələdiyyələr onlar üçün vacib olan hər hansı bir səlahiyyəti yerinə yetirə bilirlərsə, həmin səlahiyyətlər bələdiyyələrə ötürülməlidir. Özümüz də bilirik ki, bu gün səhiyyə, təhsil və digər sahələrlə bağlı səlahiyyətləri bələdiyyələr qəbul edə bilməzlər. Ona görə də qanunun 2-ci maddəsində çox aydın göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında həyata keçiriləcəkdir. Əgər biz bu qanunu qəbul etsək, sonradan bununla əlaqədar müvafiq icra hakimiyyəti orqanı proqram hazırlamalıdır. Bu proqramda aydın göstəriləcək ki, nə vaxt bələdiyyələrə hansı səlahiyyətlər ötürülə bilər.

Digər tərəfdən, bələdiyyələrə aid qanunvericilik aktlarında çox aydın şərh olunmuşdur ki, onlar üçün vacib olan mülkiyyəti və səlahiyyətləri qəbul etmək bələdiyyələrin hüququdur. Ona görə də həmin komissiyanın yaradılması məqsədəmüvafiqdir. Çünki bu gün hər hansı bir icra orqanı bələdiyyələrə həmin səlahiyyətləri verərkən bələdiyyələrin ixtiyarı var ki, onu qəbul etməsin.

Digər tərəfdən, biz komissiyada bu qanunu müzakirə edərkən belə bir məsələ ortaya çıxdı ki, əgər hər hansı bir icra hakimiyyəti orqanının maliyyə vəsaiti yoxdursa, o özündə olan mülkiyyəti bələdiyyəyə verə bilməz. Qanunda belə göstərilib. Biz belə bir qənaətə gəldik ki, ola bilsin, bələdiyyənin özünün maliyyə imkanları var. Bu gün belə bələdiyyələr respublikada çoxdur. Əgər bələdiyyənin özünün maliyyə imkanı varsa, o həmin vəsaiti götürmədən də səlahiyyətləri öz üzərinə götürə bilər.

Komissiyaların yaradılmasına da aydınlıq gətirmək istəyirəm. Biz bu komissiyanın formalaşmasında hər iki tərəfin eyni qaydada iştirakını ona görə nəzərə aldıq ki, gələcəkdə müəyyən mübahisələr yarana bilər. Çünki ola bilsin ki, bir neçə müddətdən sonra hər hansı bir tərəf həmin müqavilənin şərtlərini pozsun. Bu komissiya ondan ötrüdür ki, pozulmuş səlahiyyətləri müəyyən etsin. Qanunda göstərilir ki, tərəflər komissiyanın rəyi ilə razılaşmadıqda mübahisə məhkəmə yolu ilə həll oluna bilər.

Bu qanun layihəsi hərtərəfli hazırlanıb. Qanunun üzərində çox ciddi iş aparılıb, mükəmməl bir sənəd ortaya qoyulub. Layihə yığcam olsa da, elə bilirəm, əhatəlidir. Ancaq burada səslənən bir çox təkliflərə mən də tərəfdaram, ikinci oxunuşa qədər bu qanun layihəsi təkmilləşdirilməlidir. Bu qanun layihəsini qəbul etməklə həmkarlarım bələdiyyələrin gələcəkdə inkişafına dəstək vermiş olacaqlar. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Məjlum Şükürov.

M. Şükürov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, hörmətli mətbuat təmsilçiləri! Mən də əksər həmkarlarım kimi qanun layihəsini konseptual baxımdan yüksək qiymətləndirirəm. Hesab edirəm ki, bu qanun layihəsi bələdiyyə təsisatının 7 il yarım ərzində fəaliyyətinin qiymətləndirilməsi nəticəsində gündəmə gəlmişdir. Bələdiyyələrin vətəndaş cəmiyyətinin formalaşmasındakı rolunu heç kim dana bilməz və belə bir qanun layihəsinin müzakirəyə çıxarılması da ölkədə bu istiqamətdə atılan fundamental addım kimi dəyərləndirilməlidir. Mənim bələdiyyə haqqında təsəvvürüm oxuduqlarımdan və eşitdiklərimdən ibarət deyildir.

Ölkədə böyük bələdiyyələrdən biri olan Şəki bələdiyyəsinin artıq 8-ci ildir ki, üzvüyəm və bələdiyyələrin bu illər ərzində gördükləri işləri, qarşılaşdıqları problemləri elə birinci mənbədən bilirəm. Hesab edirəm ki, bu qanun layihəsi bələdiyyələrin fəaliyyətinin tam və dəqiq sərhədinin müəyyənləşdirilməsi istiqamətində çox mühüm addım olacaqdır. Həmkarlarımdan birinin qeyd etdiyi kimi, mən də hesab edirəm ki, bu sərhədin müəyyənləşməsində müəyyən konflikt yaradan yerli icra hakimiyyətlərinin əsasnamələri ilə bu qanunların uzlaşması istiqamətində mütləq iş görülməlidir.

Bələdiyyələrin tam və səmərəli fəaliyyəti üçün onların iqtisadi və maliyyə durumunun güclənməsinə böyük ehtiyac var. Bu nöqteyi-nəzərdən hesab edirəm ki, dövlət büdcəsindən ayırmalara çox böyük ehtiyac var. Biz bilirik ki, 2007-ci ilin dövlət büdcəsində bələdiyyələr üçün müəyyən maliyyə vəsaiti nəzərdə tutulmuşdur. Bu, dotasiya xarakteri daşıyır. Amma mən hesab edirəm ki, bələdiyyələrin dotasiya xarakterli ayırmalara bir o qədər ehtiyacı yoxdur. Onların subsidiya şəklində, ya da konkret proqramlar əsasında maliyyələşdirilməsinə çox böyük ehtiyac var. Bilirik ki, bələdiyyələrin maliyyə mənbəyi bir neçə yerli vergilərin yığılması ilə formalaşır. Bunlar, əsasən, fiziki şəxslərdən yığılan torpaq və əmlak vergisi, yerli əhəmiyyətli tikinti materialı üzrə əmlak vergisi, bir də, bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisidir.

Mən Arif müəllimdən soruşmaq istəyirəm ki, bu qanun layihəsi bələdiyyələrə mənfəət vergisini həmin təşkilatlardan tutmağa imkan verəcəkmi? Çünki qanun layihəsindən mən belə başa düşürəm ki, bu, onların daimi mülkiyyətinə verilməyəcəkdir. Əgər daimi mülkiyyətə verilməyəcəksə, onda, yəqin ki, onlar bu əlavə səlahiyyətlərdən öz yerli büdcələrini artırmaq istiqamətində istifadə edə bilməzlər.

Bilirsiniz ki, dövlət büdcəsindən hər bir bölgə üçün ayırmalar var. Amma dövlət büdcəsindən bölgələr üçün ayırmaların çox hissəsi rayon mərkəzlərinin inkişafına xərclənir. Bu da aydın məsələdir, yerli rəhbərlik rayon mərkəzinin daha çox göz görünməsində, inkişaf etdirilməsində maraqlıdır. Amma başqa ərazilərə həmin büdcə vəsaitindən çox cüzi bir hissə çatır. Buna görə də mərkəzi büdcədən hər bir bələdiyyə ərazisi üçün müəyyən maliyyə mənbəyinin ayrılması düzgün olardı. Bilirsiniz ki, bələdiyyələrin büdcəsi, əsasən, vergilərin toplanması ilə təmin edilir. Amma bu sahədə müəyyən problemlər var. Dövlət vergi orqanlarına vergi ödəyicilərini cəzalandırmaq üçün sanksiya tətbiq etmək səlahiyyətləri verilib. Təəssüf ki, bu bələdiyyələrin vergi toplayıcılarına belə bir səlahiyyət verilməyib. Yerli büdcəni formalaşdırmaq üçün bələdiyyə qulluqçularına sanksiya tətbiq etmək səlahiyyətinin verilməsi onların maliyyə durumunda çox ciddi dəyişikliklərə səbəb ola bilərdi.

O ki qaldı qanun layihəsinin ayrı-ayrı maddələrinə, yəqin ki, biz ikinci oxunuşda buna bir daha qayıdacağıq. Amma əlavə səlahiyyətlərin verilməsi əlavə məhdudiyyətlərə gətirib çıxarmamalıdır. Bilirik ki, bələdiyyələrin ən böyük üstünlüyü fəaliyyətlərində sərbəst olmalarıdır. Məsələn, 8-ci maddədə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı nəzarət mexanizmi nəzərdə tutulub. Mənə elə gəlir ki, nəzarət mexanizmi konkretləşdirilməlidir. Diqqətinizə görə təşəkkür edirəm və hesab edirəm ki, konseptual baxımdan qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.

Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcə bir məsələni diqqətə çatdırmaq istəyirəm. Bu qanun layihəsinə, təbii ki, səs verəcəyik, çünki çox vacib bir qanun layihəsidir. Yerli özünüidarəetmə orqanının səlahiyyətlərinin artırılması çox vacib bir məsələdir. Ancaq biz may ayında büdcəyə baxacağıq. Mənə elə gəlir ki, bizim əsas vəzifəmiz bu qanun layihəsi qəbul olunana qədər normal bələdiyyə aparatlarının formalaşmasına nail olmaqdır. Çünki normal bələdiyyə aparatları formalaşmadan bu səlahiyyətlərin bugünkü reallıqda həyata keçirilməsi çox çətin olacaqdır. Qanun layihəsində göstərilir ki, proqram olacaq. Bu proqramda məsələlər konkret göstərilməlidir, əks halda bu qanun sonra ciddi qarşıdurmalara gətirəcək. Konkret göstərilməlidir ki, biz hansı səlahiyyəti hansı müddətdə yerli özünüidarəetmə orqanına verəcəyik. Bizim cəmiyyətimiz də ona doğru gedir, bu səlahiyyətlərin bir çoxu zaman-zaman yerli özünüidarəetmə orqanında, bələdiyyələrdə olmalıdır. Amma hansı səlahiyyət hansı vaxta verilib başa çatmalıdır? Təbii ki, işini yaxşı quran bələdiyyə müəyyənləşdirilmiş vaxt ərzində bunu yerinə yetirə bilər, digəri isə daha gec yerinə yetirə bilər. Amma elə ola bilməz ki, 3 ildən sonra eyni səlahiyyəti rayonda bir yerdə bələdiyyə yerinə yetirsin, digər bir yerdə rayon icra hakimiyyəti. Bunun özü də bir absurdluq yaradacaqdır. Biz bunun üzərində ciddi düşünməliyik.

Digər bir məsələyə toxunmaq istəyirəm. Arif müəllim, 3.3-cü maddədə yazılır ki, bu qanunun 3.1-ci maddəsində göstərilən müqavilənin bağlanması təklifi ilə bələdiyyələr də müvafiq icra hakimiyyəti orqanına müraciət edə bilər. Amma bu müraciəti icra hakimiyyəti orqanının nə vaxta qədər cavab verməsi də göstərilməlidir. Deyə bilərlər ki, biz bu təklifə 5-6 aya baxırıq. Göstərilməlidir ki, nə vaxta qədər bu münasibət bildirilməlidir və imtinası da nə şəkildə olmalıdır.

Digər deyəcəyim məsələ bələdiyyələrə verilmiş əlavə səlahiyyətlərin maliyyə təminatı ilə bağlıdır. 5.4-cü maddədə yazılır: “Müvafiq icra hakimiyyəti orqanları əlavə səlahiyyətlərin icrası üçün tələb olunan maliyyə vəsaiti ilə bələdiyyələri təmin edə bilmədikdə, yaxud bu vəsaitlər kifayət etmədikdə bələdiyyələr həmin səlahiyyətlərdən imtina edə bilərlər”. Sabah istənilən bələdiyyə bu səlahiyyəti alandan sonra deyə bilər ki, bu məni təmin etmir, bu vəsait kifayət etmir. Bunu bu şəkildə yazmaq nəyə lazımdır ki? Bu qanunun 3.1-ci maddəsində yazılır: “Bələdiyyələrə əlavə səlahiyyətlər müvafiq icra hakimiyyəti orqanı ilə bələdiyyə arasında bağlanmış ikitərəfli müqavilə əsasında verilir”. Bu müqavilədə səlahiyyətlərin verilməsi zərurəti, səlahiyyətlərin icrası üçün nəzərdə tutulan maliyyə vəsaitinin məbləği, köçürülmə qaydası – hamısı nəzərdə tutulub. Əgər bir səlahiyyət verilirsə, artıq onun maliyyələşmə mənbəyi də göstərilir. Bu müqavilə də ikitərəfli olacaq və bələdiyyə də buna imza atacaq. Sonra istənilən bir işi yerinə yetirməmək üçün “bu vəsait bizə kifayət etmir” kimi imtina mümkün deyil. Çünki qabaqcadan müqavilə imzalananda, bu, nəzərdə tutulub. Xahiş edərdim ki, biz bu maddəni diqqətlə nəzərdən keçirək.

Bayaq dediyim məsələ ilə bağlı ikinci versiya gəlir. 3.2-ci maddədə göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlər daimi və ya müəyyən müddətə verilə bilər. Əgər bələdiyyə verilən səlahiyyəti yerinə yetirməsə, ondan o vəzifələrin alınması mexanizmi nəzərdə tutulursa, onda biz bu “müəyyən müddətə” sözlərini niyə yazırıq? Bayaq da dedik, onsuz da gələcəkdə səlahiyyətlər yavaş-yavaş özünüidarəyə keçməlidir. Ona görə bu, müəyyən subyektivlik yaratmayacaqmı? Mən istərdim ki, bu maddəyə də diqqət yetirilsin.

Sonda demək istəyirəm ki, qanun layihəsi birinci oxunuşun tələblərinə cavab verir. Amma yenə də, cənab Sədr, bir daha diqqətə çatdırmaq istəyirəm ki, xüsusi ilə kənd rayonlarında bələdiyyələrin maliyyələşdirilməsi çox ciddi məsələdir. Onlar əsaslandırırlar ki, bizdə vəsait yoxdur, ona görə də bəzi funksiyamızı yerinə yetirə bilmirik. Düşünürəm ki, may ayında büdcəyə yenidən baxanda bələdiyyələrin maliyyələşməsinə diqqəti bir az da artırmalıyıq. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Nizami Xudiyev.

N. Xudiyev. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən bu qanunu çox diqqətlə oxudum və bu gün çıxış edən deputatlara diqqətlə qulaq asdım. Burada çıxış edən deputatlar çox düzgün olaraq “ola bilər”, “verilə bilər”, “qəbul edə bilər” terminlərinin qanun layihəsində ardıcıl şəkildə işlənməsini nöqsan saydılar. Düzdür, burada bəzi yoldaşlar əsaslandırmaq istədilər ki, belə də olmalıdır. Düzdür, adi söhbətdə belə olmalıdır, ancaq qanunda belə olmamalıdır. Qanun mübahisə açmamalıdır, qanun hökm verməlidir. Konkret ya ola bilər, ya da ola bilməz.

Burada göstərilir ki, bu qanun əlavə səlahiyyətlərin verilməsi və həmin səlahiyyətlərin həyata keçirilməsi qaydasını müəyyən edir. Lakin burada qaydadan söhbət getmir, yazılır ki, “verilə bilər”, “verilə bilməz”. İkinci tərəfdən, yazılır ki, səlahiyyətləri bələdiyyələrə verə bilərlər. Belə çıxır ki, verməyə də bilərlər.

Sonra, 1.2-ci maddədə yazılır ki, bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən hazırlanmış proqram əsasında həyata keçirilir. Qanunda verilən tələblərdə hökmən vahidlik prinsipi olmalıdır. Bu qanunun tələblərində vahidlik prinsipi pozulur. Nə mənada? Tutaq ki, filan rayonun icra başçısı belə hesab edir ki, bu səlahiyyətləri ona vermək olar və verir. İkinci icra başçısı isə belə hesab edir ki, bu səlahiyyətləri ona vermək olmaz. Yəni bir rayonda müəyyən prinsiplər həyata keçirilir, digər rayonda isə həyata keçirilmir. Beləliklə də, tələblərdə vahidlik prinsipi pozulur. Bu, pedaqoji prinsip deyil, qanundur. Ona görə də belə məsələlərdə dəqiq və aydın olmaq lazımdır.

Sonra, 6.2-ci maddədə yazılır ki, bu komissiya poritet əsaslarla formalaşdırılmalı, icra hakimiyyətinin və bələdiyyələrin nümayəndələrindən ibarət olmalıdır. Ancaq məsələ bundadır ki, bu komissiya bələdiyyələrlə icra hakimiyyəti arasında mübahisə yarandıqdan sonra yaradılır. Komissiya bunu həll edə bilmədikdə mübahisə məhkəmə qaydasında həll edilir. Yaxşı olardı ki, komissiyanı poritet əsaslarla əvvəldən yaratsınlar.

Bu gün Milli Məclisin müzakirəsinə təqdim edilmiş Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi günün tələbləri sırasında olan çox mühüm məsələlərdən biridir. Belə ki, bu qanun müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrə yerli əhəmiyyətli məsələlərin həlli üçün əlavə səlahiyyətlərin verilməsi qaydasını müəyyən etməlidir. Qanun qəbul olunduqdan sonra müvafiq icra hakimiyyəti orqanları qanunvericiliklə onlara aid edilmiş səlahiyyətləri bələdiyyələrə verə biləcəklər. Belə çıxır ki, dövlət mülkiyyətində olan obyektlər, yaşayış fondu, qeyri-yaşayış binaları, mühəndis-kommunikasiya, infrastruktur obyektlərinin istismarı, ictimai nəqliyyatın, təsərrüfat yollarının idarə olunması, istismarı və inkişaf etdirilməsi, təhsil, mədəniyyət, səhiyyə, idman və bədən tərbiyəsi sahələrinin inkişafı, bələdiyyə ərazisində yerləşən tarixi mədəniyyət abidələrinin, park və bağların qorunması və abadlaşdırılması, hətta vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı müəyyən səlahiyyətlər bələdiyyələrə verilə də bilər, verilməyə də.

Təqdirəlayiqdir ki, bələdiyyələr bu səlahiyyəti ona vermiş müvafiq icra hakimiyyəti orqanının icazəsi olmadan bu obyektlərdən başqa məqsədlər üçün istifadə edə bilməz. Aydındır, buna səlahiyyət verilibdir, guya icra nümayəndəsi icazə verərsə, ayrı məqsəd üçün istifadə edə bilər, verməzsə, edə bilməz. Onda bu, səlahiyyət deyil. Gedib hər dəqiqə icra nümayəndəsindən icazə almalıdır ki, bunu edim, yoxsa etməyim? Burada yazılır ki, müqavilə razılıq əsasında tərtib olunur və müvafiq icra hakimiyyəti orqanının rəhbəri tərəfindən və bələdiyyə iclasının qərarı ilə təsdiq olunduqdan sonra qüvvəyə minir. Müqavilə qarşılıqlı razılıq əsasında tərtib olunursa və bunlar razılığa gəlirlərsə, o bunu həyata keçirməlidir. Artıq razılıq olub, təzədən mübahisə açmağa və komissiya yaratmağa mən elə bil ehtiyac hiss etmirəm.

4-cü maddədə yazılır ki, Konstitusiyada hakimiyyətin bölünməsi prinsiplərinə zidd olan və verilməsi Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə qadağan olunan dövlət səlahiyyətləri bələdiyyələrə verilə bilməz. Bunu qanunda yazdın, ya yazmadın, aydındır ki, dövlət səlahiyyətləri, əlbəttə, ona verilə bilməz. Yaxşı olardı ki, həmin səlahiyyətlərin adları burada sadalanaydı. Onda məsələ aydın olardı. Bəs “bilər” nədir? O yoxdur. “Verilə bilməz” var, “verilə bilər” yoxdur.

3.2-ci maddədə göstərilir ki, bələdiyyələrə əlavə səlahiyyətlər daimi və müəyyən müddətə verilə bilər. Əlavə səlahiyyətləri daim vermək düzgün deyil. Çünki bu, ümumi səlahiyyət bölgüsü prinsiplərinin pozulmasına səbəb ola bilər. Ümumilikdə, qanun layihəsinin müddəaları ilə razıyam. Onun lehinə bu şərtlə səs verəcəyəm ki, dediklərimə müəyyən diqqət yetirilsin. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Çıxış etmək üçün təkid edən var?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən.
Onda müzakirəni davam etdiririk. İltizam Əkbərli.

İ. Əkbərli.
Təşəkkür edirəm. Cənab Sədr, mən bələdiyyələrin fəaliyyəti haqqında geniş danışmaq fikrindən uzağam. Çünki hamıya məlumdur ki, ölkədə bələdiyyələr yaransa da, onların fəaliyyəti son dərəcə məhduddur. Heç kim təsdiq edə bilməz ki, bələdiyyələr əhalinin sosial-iqtisadi problemlərinin həlli ilə bağlı hansısa əhəmiyyətli səlahiyyətlərə malik olublar. Bütün dünyada bələdiyyələrin səlahiyyətlərinə aid olan funksiyaları bizim ölkədə icra hakimiyyəti orqanlarının timsalında dövlət idarəetmə orqanının qurumları həyata keçirirlər. Bu gün Azərbaycan bələdiyyə təsisatının real səlahiyyət sferası ən yaxşı halda bələdiyyə yollarının saxlanması və dövlətin sosial proqramları ilə əhatə olunmayan aztəminatlı vətəndaşlara sosial yardımların göstərilməsi ilə məhdudlaşır.

Təsadüfi deyildir ki, Avropa Şurası Yerli və regional hakimiyyətlər Konqresinin Azərbaycanda yerli və regional demokratiyaya dair 2003-cü il 21 may tarixli 226 saylı tövsiyəsində göstərilib ki, Azərbaycanda bələdiyyələrin səlahiyyətləri olduqca məhduddur və Yerli özünüidarə haqqında  Avropa Xartiyasının tələblərinə uyğun olaraq ictimai işlərin əhəmiyyətli hissəsi bu səlahiyyətlər çərçivəsinə daxil edilməyibdir. Tövsiyədə göstərilib ki, bələdiyyələrin bütün səlahiyyətləri elə müəyyən edilib ki, onlar, sadəcə olaraq, yerlərdə dövlət idarəetmə orqanlarının səlahiyyətlərini tamamlayır, yaxud da bu qurumların nəzarəti altında fəaliyyət göstərirlər. Avropa Şurası Azərbaycanın üzərinə bir sıra öhdəliklər qoymuşdur ki, orada digər məsələlərlə yanaşı, Bakıda meriya institutunun yaradılması, bələdiyyələrə xüsusi maliyyə mənbələrinin verilməsi, səlahiyyətlərin artırılması, yerli icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyətlərin dəqiq bölgüsünün aparılması və sair tövsiyələr öz əksini tapmışdır. Bu tövsiyələrin Azərbaycan hökumətinə ünvanlanmasından 4 il keçsə də, keçən müddət ərzində bələdiyyələrin səlahiyyətlərinə yenidən baxılması, bu səlahiyyətlərin genişləndirilməsi istiqamətində qüvvədə olan qanunvericilikdə hər hansı bir dəyişiklik edilməmişdir. Yalnız 2005-ci ilin fevralında “Bələdiyyələrin statusu haqqında” Qanunun 1-ci maddəsinə dəyişiklik edilərək “bələdiyyələr qeyri-dövlət sistemli” anlayışı “bələdiyyələr yerlərdə dövlət işlərini həyata keçirən orqanlardır” anlayışı ilə əvəz edilmişdir. Lakin yerli özünüidarə qurumlarına gətirilən bu dəqiqlik sonradan onların səlahiyyət çərçivəsinin dəqiqləşdirilməsində öz davamını tapmamışdır.

Bu gün bizə təqdim edilən bu layihə də sirr deyil ki, Avropa Şurası ilə əlaqədar müzakirəyə çıxarılmışdır və daha çox görüntü yaratmaq məqsədinə xidmət edir. Çünki layihənin səthi təhlili göstərir ki, orada bu qədər səlahiyyətlərdən söz açılması heç də bələdiyyələrə, sözün həqiqi mənasında səlahiyyət vermək anlamını vermir. Sadəcə olaraq, bu layihədə bələdiyyələrə tösviyə olunan funksional istiqamətlər sadalanır ki, bələdiyyələr bu istiqamətdə işləyə bilərlər. Başqa sözlə, layihədə göstərilir ki, bələdiyyələrə təhsil, səhiyyə, mənzil-kommunal sahələrində səlahiyyətlər verilə bilər. Burada da qeyri-müəyyənlik vardır və hansı konkret səlahiyyətlərdən söhbət getdiyi göstərilmir. Təkcə o qədər problemi olan təhsil sahəsi ilə əlaqədar məsələnin bu şəkildə qoyulmasının nə qədər problemlər yaradacağını elə indidən təsəvvür etmək çətin deyildir.

Dünya praktikasında bələdiyyələrlə bağlı qanunvericilik standartı vardır və bir qayda olaraq, yerli özünüidarəetmə ilə əlaqədar layihə hazırlananda bu standart nəzərə alınır. Nədir bu standart? Birincisi, qanun bələdiyyələrin funksional istiqamətini müəyyənləşdirməlidir. İkincisi, qanunda konkret funksional təyinat üzrə səlahiyyətlər, vəzifələr müəyyənləşdirilməlidir. Üçüncüsü, bələdiyyələrin fəaliyyət sferasında olan səlahiyyətlərin həyata keçirilməsi üçün qanun bu qurumların öhdəliklərini, yəni hüquq və imtiyazlarını müəyyənləşdirməlidir. Mütəxəssislərlə birlikdə təhlil etdiyimiz Rusiya, Litva, Latviya, Estoniya, Polşa kimi 10-a qədər ölkənin qanunvericiliyində məhz bu mexanizm öz əksini tapmışdır. Beynəlxalq praktikada istifadə edilən bu mexanizm nəinki bu gün müzakirəyə çıxarılan qanunda, hətta “Bələdiyyələrin statusu haqqında” ana Qanunda da tətbiq edilməlidir.

Digər tərəfdən, mən qanunun bu şəkildə qəbul edilməsinin tam əleyhinəyəm. Başqa sözlə, qanun yaradıcılığı statistikası xatirinə qanun yaratmağa, qanunların sayını artırmaqla qanunvericilik praktikasını belə ağırlaşdırmağa heç bir lüzum görmürəm. Nəzərə almalıyıq ki, ayrı-ayrı ölkələrdə əlavə səlahiyyətlər barədə ayrıca qanun olmur. Yalnız bir qanun – “Bələdiyyələrin statusu haqqında” Qanun olur ki, orada da dövlətin bələdiyyələrə verə biləcəyi əlavə səlahiyyətlər bölməsi olur. Ona görə hesab edirəm ki, bu təcrübəyə uyğun olaraq əlavə qanun yaradılmamalı, “Bələdiyyələrin statusu haqqında” Qanunda dediyimiz dəyişikliklər edilməlidir.

Sonra, bələdiyyələrin təbii səlahiyyətləri ilə bələdiyyələrə ötürülə bilən səlahiyyətlər qanunda ayrılmalıdır. Beynəlxalq praktikaya uyğun olaraq məcburi səlahiyyətlər və könüllü səlahiyyətlər bölgüsü qanunda öz əksini tapmalıdır. Bu gün bizə təqdim edilən layihə “Bələdiyyələrin statusu haqqında” Qanuna ötürülə bilən səlahiyyətlər bölgüsü kimi əlavə edilə bilər. Mənim fikrimcə, ümumi funksional istiqamətləri müəyyən edən bu əlavə qanunu qəbul etməkdənsə, mövcud qanunda bu gün aktual olan yerli icra orqanları ilə bələdiyyələr arasında səlahiyyət bölgüsünün dəqiqləşdirilməsinə daha çox diqqət yönəldilməlidir.

Məlumdur ki, bu gün müzakirəyə çıxarılan layihə qanun kimi qəbul edilir. Ancaq o da məlumdur ki, əslində, burada qaldırılan məsələlər əsas qanunun, yəni “Bələdiyyələrin statusu haqqında” Qanunun predmetidir. Ona görə də əgər hökumət, həqiqətən, islahat aparmaq istəyirsə, əlavə qanunlar yaratmaqla vaxt aparılmamalıdır. “Bələdiyyələrin statusu haqqında” Qanuna ciddi dəyişikliklər edilməlidir. Bu qanunda bələdiyyələrin təbii səlahiyyətləri, ötürülə bilən səlahiyyətləri, məcburi səlahiyyətləri və könüllü səlahiyyətləri dəqiqləşdirilməli və bu təsnifat üzrə yalnız bir qanun qəbul edilməlidir. Beynəlxalq təcrübə göstərir ki, ancaq bu təsnifat üzrə yaradılan qanun yerlərdə bələdiyyələri əsil işlək orqana çevirə bilər.

Onu da qeyd edim ki, biz 4 ay bundan əvvəl bələdiyyələrin fəaliyyəti ilə əlaqədar yerlərdə yaranmış vəziyyəti nəzərə alaraq bələdiyyələr haqqında qanunvericiliyi təkmilləşdirmək məqsədi ilə bir ictimai vəkillik qrupu yaratmışıq. Bu qrupa bələdiyyələr üzrə mütəxəssislərlə yanaşı, deputatlar da daxildirlər. Hesab edirik ki, Azərbaycanda həqiqi bələdiyyə fəaliyyətini formalaşdıracaq bir konsepsiyanı yaratmışıq və yaxın günlərdə biz bunu Milli Məclisin müvafiq komissiyasına təqdim edəcəyik. Sağ olun.

Sədrlik edən.
Sağ olun. Dediniz ki, hökumət qanun yaradır. Qanunu hökumət yaratmır, Milli Məclis, biz yaradırıq. Aydın Mirzəzadə.

A. Mirzəzadə.
Çox sağ olun. Cənab Sədr, hörmətli deputat həmkarlarım! Hesab edirəm ki, biz bu gün çox vacib bir qanunun müzakirəsi ilə məşğuluq. Bu qanunu qəbul etməklə bələdiyyə statusunun inkişafında yeni bir mərhələ açırıq. Birinci mərhələ bələdiyyələrin formalaşdırılması, onların fəaliyyəti üçün zəruri ilkin təcrübənin toplanması onların cəmiyyətdə təsdiqidirsə, artıq bu mərhələ ilə bələdiyyələr yerli özünüidarəetmədə çox mühüm məsələyə çevrilirlər və yerli ərazidə bir çox obyektlərin idarə edilməsinə, onların inkişafına məsuliyyət daşıyırlar. Qanun çox vacibdir. Bizə təqdim edilən qanun layihəsində bu qanunun predmeti, həyata keçirilmə mexanizmi barədə çox dəqiq üsullar göstərilib. Mən birinci oxunuş üçün təqdim edilən layihə ilə, əsasən, razıyam.

Bununla belə, sözçülüyə varmadan bir neçə təklifimi irəli sürmək istərdim. Birincisi, qanunun adı “Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında”dır. Amma qanunla tanış olduqda məlum olur ki, biz bələdiyyələrə əlavə səlahiyyətlər vermirik, sadəcə, bunun verilmə qaydalarını müəyyənləşdiririk. Ona görə də bunun adının dəyişdirilərək “Bələdiyyələrə əlavə səlahiyyətlər verilməsi haqqında” qanun adlandırılmasını təklif edirəm. Biz əgər qanunu belə adlandırmasaq, gələcəkdə növbəti yeni iki səlahiyyət verilməsi haqqında qanun qəbul etməyə məcbur olarıq.

İkinci təklifim. Burada göstərilir ki, bələdiyyələrə hansı sahələr idarəetməyə verilə bilər. Ancaq mümkündür ki, ya təcrübə kimi, ya da yerli şərait nəzərə alınaraq həmin sahənin tamamilə deyil, ancaq bir qismi bələdiyyələrin səlahiyyətinə verilsin. Ona görə qanuna xüsusi bir bəndin salınmasını təklif edirəm. Müəyyən sahədə ancaq bir qisim obyekt idarə edilmək üçün bələdiyyələrə verilsin. Gələcəkdə onun təcrübəsindən və imkanlarından asılı olaraq digər sahələrə də baxılması mümkündür.

Digər tərəfdən, burada aydın deyil ki, bələdiyyələr ancaq öz ərazisində olan, yoxsa digər bələdiyyələrin ərazisində olan obyektləri də idarə etmək üçün götürə bilərlər. Çünki bu, qanunda konkret şəkildə yazılmayıb. Ancaq mən bu müddəanın olmasının tərəfdarıyam. Hesab edirəm ki, hər bir bələdiyyə ancaq və ancaq öz ərazisində olan və sadalanan sahələrin idarə edilməsi məsuliyyətini öz üzərinə götürə bilər. Bunun da bizə ikinci oxunuş üçün təqdim olunan layihədə öz əksini tapmasını təklif edərdim. Birinci oxunuş üçün verilən layihəni məqbul hesab edirəm və verdiyim təkliflərin də nəzərə alınmasını xahiş edirəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Həvva Məmmədova.

H. Məmmədova. Çox sağ olun, cənab Sədr. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi ilə bağlı məndən öncə həmkarlarım tərəfindən çox dəyərli fikirlər səsləndi. Mən də təkrara yol verməmək üçün istəyirəm bildirəm ki, bələdiyyələr artıq bugünkü dövlət idarəçiliyində özünəməxsus yer tutur. Neçə əsrdir ki, dünyanın inkişaf etmiş ölkələrində, o cümlədən qardaş Türkiyədə bələdiyyələr fəaliyyət göstərirlər. Belə ölkələrdə yerli özünüidarə orqanları, yəni bələdiyyələr xeyli inkişaf etmiş, təcrübə toplamışlar. Artıq Türkiyədə elmin, təhsilin, mədəniyyətin, səhiyyənin fəaliyyəti ilə məhz bələdiyyələr məşğul olurlar. Azərbaycanda bələdiyyə təsisatı çox gəncdir, iş təcrübəsi azdır. Ancaq gənc olmasına baxmayaraq, bu gün Azərbaycanda bələdiyyələr inkişaf edir. Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi mənim və həmkarlarımın ürəyincə olan məsələdir.

Oqtay müəllim, mənim seçicilərim respublikanın 50-dən artıq rayonunda məskunlaşıblar. Onların çoxu kənd rayonlarında yaşayırlar və onlardan bələdiyyələrin iş təcrübəsi ilə bağlı xeyli şikayətlər alıram. Biz bələdiyyələrin iş təcrübəsini yaymaqla əlaqədar təbliğata yer ayırmırıq. Qabaqcıl bələdiyyələrin və xüsusi ilə Türkiyədə fəaliyyət göstərən bələdiyyələrin iş təcrübəsinin öyrənilməsinə və yayılmasına böyük ehtiyac vardır. Həm kənd, həm də rayon bələdiyyələri öz səlahiyyətlərini başa düşmürlər. Onlar ancaq vergilərin toplanması və bəzi abadlıq işlərinin aparılması ilə məşğul olurlar. Ancaq mən deyərdim ki, bu gün birdən-birə deyil, öz səlahiyyətlərini başa düşən bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi daha vacib olardı. Ona görə bu gün istərdim, fürsətdən istifadə edərək deyəm ki, hazırda bələdiyyələr onlara ayrılan vəsaitin az olmasından əziyyət çəkirlər. İstərdim ki, növbəti büdcədə kənd bələdiyyələrinə ayrılan vəsait artırılsın.

Cənab Sədr, istərdim, burada bir məsələni də qeyd edəm. Bələdiyyə aparatına seçilən kadrların səviyyəsi yüksək olmalıdır. Bələdiyyə sədrinin, bələdiyyə aparatının işçilərinin seçilməsində təhsil, səriştə əsas götürülməlidir. Bir sözlə, bələdiyyədə çalışanlar təcrübəli, səviyyəli, dünya təcrübəsini öyrənməyə qadir insanlar olmalıdırlar. Yerli orqanlar da bu işə ciddi fikir verməlidirlər. Ona görə də hesab edirəm ki, bu qanun layihəsi müzakirəyə vaxtında təqdim edilib. Mən bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı həmkarlarımın dedikləri ilə razıyam və bu qanun layihəsinin lehinə səs verəcəyəm. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.

R. Cəbrayılov. Hörmətli Sədr, hörmətli deputatlar! Mən də hesab edirəm ki, Bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi haqqında qanun layihəsi bələdiyyə təsisatının və idarəçilik sisteminin təkmilləşdirilməsi istiqamətində irəliyə doğru atılan mühüm bir addımdır. Qabaqcadan deyim ki, mən bu qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da dəstəkləməyə dəvət edirəm. Qanun layihəsinin bir sıra müddəalarını isə xüsusi ilə alqışlayıram və hesab edirəm ki, bunlar vaxtı çatmış səlahiyyətlərdir və çoxdan bələdiyyələrə verilməli idi.

Mən yaşayış fondunun bələdiyyələrə verilməsini xüsusi ilə vurğulamaq istəyirəm. Çünki bu gün yaşayış fondu ilə mənzil-istismar sahələri məşğuldur ki, onlar da yalnız zibil pulu yığmaqla və zibili daşımaqla məşğuldurlar. Bu iş yalnız bələdiyyələrin səlahiyyətinə aid olan məsələdir. Qazaxıstanda və Qırğızıstanda bu səlahiyyətlər çoxdan bələdiyyələrə verilib və bələdiyyələrin məhəllə komitələri tərəfindən idarə olunur. Bu gün mənzil-istismar idarəsi bələdiyyələrin fəaliyyətinə yalnız maneçilik törədən bir təşkilatdır və hesab edirəm ki, onların dövlət büdcəsi hesabına bir dövlət qurumu kimi saxlanılması məqsədəuyğun deyil.

Bundan başqa, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı səlahiyyətlərin də bələdiyyələrə verilməsini müsbət addım hesab edirəm. Türkiyədə çoxdan bu səlahiyyətlə bələdiyyələr məşğuldurlar. Amma mən bu siyahıdan təhsillə bağlı səlahiyyətlərin bələdiyyələrə verilməsini, – bu mənim subyektiv fikrimdir, – düzgün hesab eləmirəm. Burada belə bir müddəa var: təhsil, mədəniyyət, səhiyyə və bədən tərbiyəsi sahələrinin idarə və inkişaf etdirilməsi. Mən hesab edirəm ki, təhsil hər bir xalqın həyatında oynadığı mühüm rola görə dövlətin təhsil siyasəti ilə tam uzlaşan bir fəaliyyətdir. Ona görə mən istəməzdim ki, təhsilin idarə olunması ilə bağlı bələdiyyələrə əlavə səlahiyyət verilsin. Əgər söhbət təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsindən və inkişaf etdirilməsindən gedirsə, hesab edirəm ki, burada qanunverici orqan tamamilə haqlıdır, bu səlahiyyət bələdiyyələrə verilməlidir. Amma təhsilin idarə olunması, mən hesab edirəm, sırf dövlətin təhsil siyasəti ilə bağlı olan məsələdir.

Mən bundan başqa, bu siyahıda olan reklam lövhələrinin yerləşdirilməsi ilə bağlı məsələyə də toxunmaq istəyirəm. Bu gün reklam lövhələrinin yerləşdirilməsi konkret bələdiyyənin sahəsində olsa da, bununla bələdiyyələr deyil, icra hakimiyyəti orqanları məşğul olurlar. Hesab edirəm ki, bu da ən azı “Bələdiyyələr haqqında” Qanuna görə qanunsuzdur. Hesab edirəm ki, reklam lövhələrinin yerləşdirilməsi, bu vəsaitin toplanılması ilə bağlı səlahiyyətin bələdiyyələrə verilməsi vacibdir.

Burada bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi ilə bağlı qanun layihəsində bir konkretliyin olmaması haqqında müxtəlif fikirlər səsləndi. Mən də hesab edirəm ki, bu məsələ qanun layihəsində çox düzgün həll olunub. Dövlət hakimiyyəti orqanlarının məşğul olduğu çoxcəhətli geniş fəaliyyətlə bağlı səlahiyyətlərin bələdiyyələrə bir normativ aktla verilməsi düzgün olmazdı. Çünki əgər nəzərə alsaq ki, bələdiyyələr Azərbaycanda təxminən 7 ildir, fəaliyyət göstərir və bələdiyyədə çalışan insanlar idarəçilik baxımından heç də yüksək peşəkarlıq səviyyəsinə malik deyillər, onda bələdiyyələrə əlavə səlahiyyətlərin verilməsi tədrici xarakter daşımalıdır və növbəti akt mərkəzi icra hakimiyyəti orqanının qərarı ilə həyata keçirilməlidir. Mən də hesab edirəm ki, bu qanun layihəsi konseptual baxımdan çox vacibdir və deyilən məsələlər növbəti oxunuşda nəzərə alınmaqla qəbul olunmalıdır. Diqqətinizə görə çox sağ olun.

Sədrlik edən. Sağ olun. Hikmət Atayev.

H. Atayev. Sağ olun. Oqtay müəllim, mən deputat seçilməzdən əvvəl Zaqatala şəhər bələdiyyəsinin sədri işləmişəm. İndi mən bir məsələni xatırlatmaqla elə bilirəm ki, fikrimi çatdıra biləcəyəm. Bələdiyyəyə seçilməzdən əvvəl mən 30 il Zaqatalada sıravi həkim işləmişəm. Rayon balaca yerdir, orada camaat bir-birini tanıyır. Namizədliyimi bələdiyyəyə verərkən xeyli səs topladım və bələdiyyəyə üzv seçildim. Sonra da həmin bələdiyyəyə sədr seçildim. İndi təsəvvür eləyin, mən 30 il həkim işləyən adam birdən-birə bələdiyyənin üzvü seçilirəm və sonra da bələdiyyə sədrinin otağında oturub yerli idarəetməni icra etməyə başlayıram. Əlbəttə, burada nöqsanlar da, səhvlər də olmalıdır. Ona görə də ilin axırında inzibati nəzarət tərəfindən burada hökmən nöqsanlar tapılmalıdır. Mənə elə gəlir ki, səlahiyyətlərimiz artdıqca belə nöqsanların olma ehtimalı daha çox olacaq.

Mən işlədiyim iki il ərzində özüm üçün çalışırdım ki, bu məsələnin həlli yolunu tapım. Bir variant odur ki, bələdiyyə sədrinin və başqa vəzifəli şəxslərin seçildiyi gündən bələdiyyələrin iş mərkəzi tərəfindən 5-10 günlük ixtisaslaşma kursları təşkil olunsun. Heç olmasa, təzə seçilmiş adamlar unutmamalıdırlar ki, bələdiyyə seçkili orqandır. Ora müxtəlif, yəni idarəetmədən tam uzaq olan insanlar seçilə bilərlər. Ona görə bu kurslar təşkil olunmalıdır və orada, heç olmasa, bələdiyyənin vəzifəli şəxsləri yerli idarəetmənin əsasları ilə tanış olmalıdırlar. Bu yolun da bir problemi var. Təsəvvür edin, Azərbaycanda neçə min bələdiyyə var və ona görə bunu təşkil eləmək olduqca çətindir. Amma bu iş hər gün davam etdirilməlidir. Mən seçildiyim günün səhəri ora gələn sənədləri imzalamalıyam, kiməsə torpaq verməliyəm, kiməsə nəyi isə icarəyə verməliyəm.

Mənim dünya təcrübəsindən o qədər də xəbərim yoxdur, ancaq mənə elə gəlir ki, dünyada iş belə təşkil olunub. Burada bəzi deputatlar dedilər ki, bələdiyyələr təzə bir qurumdur. Bələdiyyələr daim gənc qurum olmalıdırlar. Ona görə ki, bələdiyyəyə seçilən adamlar 5 il ərzində bələdiyyəyə üzv olurlar. 5 ildən sonra gələnlər də bu işdə gənc olacaqlar. Ona görə bələdiyyələrdə daim işləyən insanların ixtisaslaşdırılmasından çox şey asılıdır. Mən seçildiyim günün səhərisi suallar yarananda bələdiyyədə hüquqşünas, iqtisadçı, arxitektor, torpaq problemləri ilə məşğul olan insanlar olsaydı, mən də işləməyə başladığım gündən mütəxəssis kimi işimi görərdim. Ancaq mən bu işi öyrənincə tədricən səhv də eləməliyəm, vaxt da keçməlidir. Düzdür, müəyyən treninqlər, seminarlar keçirilir. Ancaq bu, tədricən olur. Ona görə birinci mərhələdə müəyyən səhvlərə yol verilir. Keçmiş bələdiyyə sədri kimi, hesab edirəm ki, dövlət bələdiyyə işçilərini saxlamaq üçün dotasiya versə idi, yaxşı olardı. O dotasiya hesabına xeyli iş yerləri yaranardı. İkinci də, təsəvvür eləyin ki, bələdiyyələr bu mütəxəssislərlə təmin olunsaydı, yəqin ki, bələdiyyənin səlahiyyətlərini artırdıqca onlar bütün işlərin öhdəsindən gələrdilər. Ola bilər ki, mənim çıxışım bir qədər yayınıq oldu, amma əsas təklifim odur ki, dövlət bələdiyyələrə dotasiya ayırarkən elə etsin ki, onun bir hissəsinin hesabına hüquqşünas, iqtisadiyyatçı, arxitektor və torpaq məsələləri üzrə mütəxəssis saxlanılsın. Sağ olun.

Sədrlik edən. Çıxış eləmək istəyənlər var. Başqa təklif verən yoxdur ki? İki nəfər çıxış etmək istəyir: Siyavuş Novruzov və Pənah Hüseyn. Yaxşı, Pənah bəy, buyurun. Arif müəllim, iki nəfərdən sonra da Sizə söz verəcəyəm.

P. Hüseyn. Çox təşəkkür edirəm, hörmətli Sədr. Mənim qarşımda Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklər və vəzifələr haqqında ayın 16-da monitorinq komissiyasında müzakirə olunmuş məruzə, həm də qərar layihəsi var. Hər ikisində özünüidarə orqanları məsələsi əlahiddə yer tutur. Gəlin, etiraf edək ki, bu qanunun qəbul olunması əhəmiyyətli dərəcədə bu məsələlərlə, yəni bizim beynəlxalq təşkilatlar qarşısında götürdüyümüz öhdəliklərlə bağlıdır. Amma mən hesab edirəm ki, heç bir halda qanun həmin öhdəliklərin yerinə yetirilməsi məsələsini həll edə bilməz, çünki konseptual baxımdan bizim yerli özünüidarə orqanlarına yanaşmamız əvvəlcədən siyasi mövqe üzündən yanlışdır və düzgün istiqamətdə hərəkət eləmir. Bundan əlavə, məndən sonra hörmətli Siyavuş müəllim çıxış eləyəcəkdir və mən tam əsasla iddia edirəm ki, mütləq əksəriyyəti Yeni Azərbaycan Partiyasının namizədlərindən ibarət olan bələdiyyələr başqa cür də işləyə bilməzlər. Onlar heç zaman qarşılarında duran vəzifələri həyata keçirə bilməzlər.

Bəzən bizdə belə iddia irəli sürülür ki, guya yerli özünüidarə orqanlarının inkişaf etdirilməsi məsələsində beynəlxalq təşkilatların tələbləri bizim Konstitusiya ilə ziddiyyət təşkil edir. Mən diqqəti ona cəlb edirəm ki, bu, tamamilə yanlış bir fikirdir. Çünki bizim Konstitusiyada “yerli icra hakimiyyəti orqanları” anlayışı vardır, lakin heç bir halda “yerli icra hakimiyyəti orqanları” ilə “yerli hakimiyyət” anlayışlarının üst-üstə düşdüyünü iddia eləmək olmaz. Mən hesab edirəm ki, icra hakimiyyəti orqanlarının ümumi anlayışı, onların səlahiyyətləri və həll etdikləri məsələlər bizim Konstitusiyamızda öz əksini tapmışdır. Bir daha təkrar edirəm, bu, yerli hakimiyyət orqanlarının vəzifəsi ilə üst-üstə düşmür və nəhayət, biz yerli özünüidarəni yerli hakimiyyət orqanı kimi təsbit eləməliyik. Bunun üçün də Konstitusiyada hər hansı bir dəyişiklik etməyə ehtiyac yoxdur. O vaxta qədər ki, yerli əhali bələdiyyələri yerli hakimiyyət orqanı kimi tanımayıb və bələdiyyələr də özlərini bu şəkildə qəbul etməyib, biz ciddi bir dəyişikliyə nail ola bilməyəcəyik.

İkinci, mən diqqəti yenə də bu qanunla bağlı bir məsələyə cəlb edirəm. Bilirsiniz, bəzən Milli Məclisin atmosferinə baxıram. Elə bil ki, biz hansısa bir planetdə müzakirə aparırıq. Bakı şəhərində nəqliyyat, kanalizasiya, elektrik təchizatı məsələlərinin bələdiyyələrə verilməsindən söhbət gedə bilməz, çünki bu yaxınlarda hətta Bakı Şəhər İcra Hakimiyyətinin əlindən bu səlahiyyətlər alındı. Yadınıza salıram, bu yol məsələsi Nəqliyyat Nazirliyinin departamentinə, hörmətli Cavid müəllimin rəhbərlik elədiyi şirkətə verildi. Kanalizasiya, elektrik təchizatı məsələsi hətta xüsusi şirkətin əlindən alındı. Yerli icra hakimiyyətinin özünün əlindən bu səlahiyyətlərin alınması prosesi gedir, biz də burada böyük bir iddia ilə qanun qəbul edirik. Qeyd elədiyim sahələrin bir çoxu, bilirsiniz ki, monopoliyalara aid olan sahələrdir. Əslində, onların bəzilərinin elə mərkəzləşdirilmiş şəkildə fəaliyyət göstərməsi də bir obyektiv zərurətdən irəli gələn məsələdir. Ona görə də bu qanunu hazırlayarkən, məsələn, elektrik təchizatının, kanalizasiya sisteminin və sairin guya bələdiyyələrin səlahiyyətlərinə verilməsi kimi çox mümkün olmayan bir şeyi yazmaq, mənim fikrimcə, absurddan başqa bir şey deyil.

Digər bir məsələyə bizim bir sıra deputatlarımız da toxundu. Xüsusən mən Aydın müəllimin çox konseptual bir fikrinə toxunmaq istəyirəm və onun tamamilə bu qanun layihəsinə verdiyi dəyəri və qiyməti müdafiə edirəm. Hesab edirəm ki, tamamilə doğrudur, biz, sadəcə olaraq, yalnız əlavə şeyləri bura yazmaqla məşğul olmuşuq. Guya biz bələdiyyələrə hansısa əlavə səlahiyyətlər veririk.

Hörmətli deputatlar, hazırda Azərbaycan bələdiyyələri olduqca bədbəxt bir vəziyyətdədirlər. Faktiki olaraq bu bələdiyyələr icra başçılarının bir çox hallarda qanuna zidd olan hərəkətlərini və tapşırıqlarını icra etməklə məşğuldurlar. Məsələn, mən Binəqədi rayonunda yaşayıram. Buranın şəhər bələdiyyəsi də mənim yaşadığım ərazinin bələdiyyəsidir. Ümumiyyətlə, mənim bir yerli sakin kimi bələdiyyənin nə ilə məşğul olması barədə heç bir məlumatım yoxdur. Bir çox deputatların əksəriyyəti Bakı şəhərində yaşayırlar. Onlar əllərini ürəklərinin üstünə qoyub burada elan eləsinlər ki, yaşadıqları ərazidə, ümumiyyətlə, bələdiyyənin hansısa fəaliyyəti görünür, ya görünmür. Bir daha təkrar edirəm, görünə də bilməz. Çox təhlükəli məqam da, hörmətli deputatlar, ondan ibarətdir ki, heç olmasa, bu səlahiyyətlər icra hakimiyyətinin əlində olanda onlar məsuliyyət daşıyırdılar. Çünki bir qərar verəndə orada imzaları olurdu və bilirdilər ki, sabah buna cavab verməli olacaqlar. Amma indi onu guya kollegial orqan olan bələdiyyələrə verirlər. Korrupsiyanın, rüşvətin ən yağlı hissəsini özlərinə götürürlər, 5-6 qəpik-quruşu da bələdiyyə sədrinin, ya da bələdiyyə üzvlərinin qabağına atırlar. Bununla da biz çox bərbad, təhlükəli proseslərin şahidi oluruq. Bir daha təkrar edirəm, əgər, həqiqətən də, biz bələdiyyələrin işləməsini istəyiriksə, bələdiyyələri azad, ədalətli seçkilər vasitəsi ilə formalaşdırmalıyıq. O halda, yəni onlar xalq qarşısında öhdəlik daşıyanda yerli icra hakimiyyətindən o cür asılı və qeyd elədiyim kimi, bədbəxt vəziyyətə düşməyəcəklər.

Sonda bir daha diqqəti ona cəlb edirəm ki, hörmətli Oqtay müəllim, təəssüf ki, keçən dəfə biz gündəliyi müzakirə eləmədik. Siz də, bir qayda olaraq, təklif edəndə biz tərəfə baxmırsınız.

Sədrlik edən. Vallah, mənim gözüm həmişə səndədir.

P. Hüseyn. Mənə elə gəlir ki, Avropa Şurasının Parlament Assambleyasında müzakirə ərəfəsində bizim nümayəndə heyətinin rəhbəri hörmətli Səməd müəllim bizə bu barədə məlumat verməli idi. Bizim əlimizin altında böyük bir məruzə və qərar layihəsi var. Burada Azərbaycanın taleyüklü məsələləri barəsində danışılır. Çox təəssüf ki, heç bir halda, – mən hər halda bu bir il ərzində görməmişəm, – belə mühüm məsələlərin müzakirəsi ərəfəsində Milli Məclis bu sənədlər barədə məlumatlandırılmır. Bu məsələlər burada müzakirə olunmur. Mən qeyd edim ki, burada bizim parlamentin özü haqqında, hakimiyyət bölgüsü haqqında, Milli Məclisin hüquq və səlahiyyətlərinin genişləndirilməsi haqqında da müddəalar vardır. Azərbaycanda digər sahələrlə yanaşı, öz üzərinə götürdüyü...

Sədrlik edən. Pənah bəy, biz burada Avropa Şurasını müzakirə etmirik. Xahiş edirəm, gündəlikdəki məsələ barəsində danışın və reqlamentə əməl edin. Çox təəssüf ki, Avropa Şurası barəsində bizdə yanlış bir fikir yaranıb. Elə bil, bizi bir xortdanla qorxudurlar. Avropa Şurasının tam hüquqlu üzvüyük. Bizi niyə Avropa Şurası ilə qorxudurlar? Biz gedirik, öyrənirik. Bu məsələni, xahiş edirəm, birdəfəlik yaddan çıxarın. Avropa Şurasında iclas olan kimi, qəzetlər başlayırlar ki, Azərbaycan haqqında Avropa Şurasında belə elədilər, nə bilim, elə dedilər. Bu, tamamilə yanlış fikirlərdir. Avropa Şurasında Azərbaycanın imicinə çox yüksək qiymət verildi, yəqin, bundan da xəbəriniz var. Xahiş edirəm, bu məsələni kənara qoyaq.

O ki qaldı bələdiyyələrin məsələsinə, – Siz Avropa Şurasını misal çəkdiniz, – Avropa Şurasının üzvü olan ölkələrdə bələdiyyə təsisatları qanunlara dəyişiklik edilə-edilə on illər ərzində formalaşıb. Siz söylədiniz, İngiltərə, Fransa kimi dövlətlərdə qaz, işıq şirkətlərinin büdcələri şəhərin büdcəsindən də artıqdır.

Bəli, mən də razıyam, bu qanun layihəsi ilə bağlı iradlar da, çox gözəl təkliflər də oldu. Biz bu təkliflərə də baxmalıyıq. Bu birinci oxunuşdur, mən hesab edirəm ki, konseptual cəhətdən hazır qanundur. Hətta o fikirlə razıyam ki, ola bilər, bu, qanun şəklində deyil, qanuna əlavələr şəklində olsun. Buna etiraz yoxdur. Ona görə bura yığılmışıq ki, bu məsələni müzakirə eləyək. Yenə Avropa Şurasından danışacaqsan, Pənah bəy? Xahiş edirəm, axırıncı cümləni de, fikrini yekunlaşdır.

P. Hüseyn. Burada təkliflər səsləndi, biz bəlkə bələdiyyələr haqqında bir məcəllə qəbul edək. 60-dan yuxarı qanun qəbul olunub. Heç kəs onun böyük bir hissəsini yerlərdə oxumur, bilin. Amma mənə elə gəlir ki, indiki qanun yaradıcılığını yekunlaşdıran bir məcəllə olarsa, daha faydalı olar. Hörmətli Oqtay müəllim, səbirlə dinlədiyinizə və şərhlərinizə görə təşəkkür edirəm. Hər halda mən hesab edirəm ki, hər şey yaxşı olacaq və heç də həmişə bələdiyyələri Yeni Azərbaycan Partiyası formalaşdırmayacaq. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Siyavuş müəllim, xahiş edirəm, iclası debata çevirməyək. Arif Rəhimzadəyə də söz verəcəyəm, sonra səsverməyə keçərik. Buyurun.

S. Novruzov. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Qanun layihəsi təqdirəlayiqdir, mən də deputat həmkarlarımı bu sənədə səs verməyə çağırıram. Burada məndən əvvəl çıxış edən Pənah bəy sual verdi ki, niyə bələdiyyə üzvlərinin əksəriyyəti Yeni Azərbaycan Partiyasındandır? Yəni sual çox düzgün qoyulub. Mən buna əsaslı şəkildə də cavab verəcəyəm. Azərbaycanda bələdiyyə seçkiləri 2004-cü ildə keçirilibdir. Ola bilər ki, kiminsə xəbəri olub, iştirak edib, kiminsə xəbəri olmayıb, iştirak eləməyib. 20 mindən artıq bələdiyyə üzvü var. Seçkilərdə 40 minə yaxın namizəd irəli sürülmüşdü. 40 min namizəddən 23 minini Yeni Azərbaycan Partiyası irəli sürmüşdü. Bundan başqa, partiya üzvlərinin bəziləri də öz təşəbbüsü ilə namizədliklərini irəli sürmüşdülər. Müxalifətdən imza vərəqəsi götürmək üçün cəmi 1300 nəfər müraciət etmişdi.

Mənim çox yaxşı yadımdadır, bizə ATƏT-in nümayəndəsi gəlmişdi və hörmətli Əli müəllim onu qəbul etdi. Mən də o görüşdə iştirak edirdim. Bizdən xahişi ondan ibarət idi ki, biz bu prosesdə partiya şəklində iştirak etməyək. Biz də sual verdik ki, niyə? Cavab verdi ki, o birilərinin partiya şəklində iştirak etməyə imkanı yoxdur. Ona görə də sizin iştirakınız baxımdan onlar çox pis vəziyyətə düşürlər. Əli müəllimin cavabı mənim yaxşı yadımdadır. Dedi ki, adətən, pis oxuyan tələbəyə əlaçını misal göstərirlər, əlaçıya pis oxuyanı yox. Onlar bizdən nümunə götürməlidir, namizəd göstərməlidirlər, biz onlardan misal götürüb namizədlərimizi geri çağırmamalıyıq.

Yeni Azərbaycan Partiyasından başqa heç bir partiya partiya şəklində iştirak edə bilmədi. Niyə? Çünki namizədləri yox idi. Hətta Mərkəzi Seçki Komissiyası dəfələrlə müxalifət partiyalarına müraciət etdi ki, namizəd verin. Yoxdur. 3-5 nəfər Bakıda yığışıb ancaq bir qəzetdə müsahibə verirdi. Sosial baza məhz bu idi ki, bələdiyyələrə namizəd verə bilmədilər. Ona görə də bələdiyyə üzvlərinin 60 faizindən çoxu Yeni Azərbaycan Partiyasından seçilib və bitərəflərin nümayəndələridir. Mənim yadımdadır ki, 1300 nəfərdən də cəmi 700-ü imza vərəqini təhvil verdi. Halbuki 15 imza tələb olunurdu, böyük tələb yox idi. İndi biz zorla ağacdan müxalifət düzəltməli deyilik ki? Bu, demokratik bir seçkidir. Əgər demokratiyadan, bələdiyyə orqanının seçki yolu ilə formalaşmasından danışırıqsa, onda qanunun aliliyinə hörmətlə yanaşaq. Biz zorla heç kəsi seçdirə bilmərik.

Digər bir məsələ. Görürsən ki, bəzi ölkələrdən misal gətirirlər. Öz idarəetmə strukturuna görə ölkələr fərqlidir. Bir də görürsən, Türkiyədən misal çəkirlər. Türkiyə parlament, Azərbaycan isə prezident üsuli-idarəli respublikadır. Yerlərdə Prezidentin səlahiyyətli nümayəndələri rayon icra hakimiyyəti başçılarıdır. Bələdiyyə yerli özünüidarəetmədir. Bu, tamam başqa bir şeydir. Bir-birinə qarışdırmayın.

İkinci tərəfdən, bəli, tutaq ki, Yasamal rayonu, yaxud da Nərimanov rayonu istəyir ki, kanalizasiya, yaxud elektrik enerjisi sistemini götürsün. Götürə bilməz, mümkün deyil. Çünki kanalizasiyanın bir ucu Xətaidən başlayır, o biri ucu Binəqədiyə gedir. Ortanı kəsib götürməlidir? Elə enerji məsələsi də belədir. Bir şeyi danışanda bunun əsası olmalıdır. Məsələn, İstanbul böyük şəhər bələdiyyəsi deyir ki, mən elektrik enerjisini topdansatış şəkildə dövlətdən alıram, vətəndaşa satıram. Bu mənim funksiyamdır. Bizdə Yasamalın öz bələdiyyəsi, Xətainin öz bələdiyyəsi var. Bunu hansı şəkildə alıb, hansı formada satmalıdır? Elə məsələlər var ki, bunlara illər gərəkdir.

Zaqataladan seçilmiş deputat həmkarım çox gözəl dedi: bu gün bu funksiyanı yerinə yetirməyə bələdiyyə hazırdırmı? Bu funksiyanı yerinə yetirməyə onun strukturları mövcuddurmu, kadr potensialı, resursları varmı? Yoxdur. Namizədlik irəli sürülüb, əhali görüb ki, biri yaxşı həkimdir, digəri yaxşı müəllimdir və hörməti olduğuna görə seçilib. Bu adam onu idarə edə bilərmi, mümkündürmü? Dövlətin idarəetmə sistemi var və bir gündə biz onu iflic vəziyyətinə sala bilmərik. Bu məsələlər tədricən, mərhələli şəkildə həyata keçirilməlidir. Biz qanunvericilik bazasını formalaşdırırıq, ona uyğun olaraq da bu proses mərhələli şəkildə həyata keçirilməlidir. Ona görə də mən deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.

Deyir, Aydın müəllim Yeni Azərbaycan Partiyasındandır. Yeni Azərbaycan Partiyasının üzvləri və onu təmsil edən deputatlar çox ləyaqətli, şərəfli, vicdanlı, vətəninə, xalqına, millətinə, dövlətinə bağlı olan insanlardır. Hərəsinin 3-4 ali təhsili var, elmlər namizədi, elmlər doktorlarıdır. Ona görə də fikirləşin, sonra danışın. Bir daha bütün deputat həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Arif müəllim, buyurun.

A. Rəhimzadə. Çox sağ olun. Mən çıxış edənlərin hamısına öz minnətdarlığımı bildirmək istəyirəm. Şübhəsiz ki, bu təkliflər nəzərə alınacaqdır. Burada bəzi suallar səsləndi. Ziyafət müəllim bu sualların bir hissəsinin cavabını verdi. Buna baxmayaraq mən istəyirəm, iki məsələ ətrafında sizin fikirlərinizi cəmləşdirəm. Birincisi, heç kəs deyə bilməz ki, bələdiyyələr Azərbaycanda bələdiyyə statusuna uyğun olmayan qurumlardır. Azərbaycan bələdiyyə sistemi Yerli özünüidarəetmə haqqında Avropa Xartiyasının tərkibinə qəbul olunmuşdur və inkişaf edir. Burada dünyanın digər şəhərləri ilə müqayisə aparırlar. Dünyada bələdiyyələr, ümumiyyətlə, iki sistemdə olur. Birincisi, yarı dövlət, yarı səsvermə yolu ilə seçilən bələdiyyələrdir. Azərbaycandakı bələdiyyələr digər sistemlə işləyirlər. Bizdə bələdiyyələrin dövlətdən asılacağı yoxdur. O mənada ki, bunlar tam müstəqildirlər. Bunu nəzərə almaq lazımdır.

Burada səsləndi ki, guya Yerli və regional özünüidarəetmə Konqresinin bələdiyyələrlə əlaqədar təklifləri var. O təkliflər sizin stolunuzun üstündədir. Orada tənqidlər olub. Düzdür, belə bir arayış olub, ancaq mən istərdim ki, siz o arayışa kortəbii yaxınlaşmayasınız, onu təhlil edəsiniz. Təhlil edə bilmirsinizsə, o arayışla əlaqədar cavab da var. Arayış 2003-cü ilə aid məsələləri əks etdirir. Azərbaycanda 2003-cü ildən sonra qanunvericilik və digər sahələrdə bələdiyyələrlə əlaqədar görülən işlər haqqında heç bir məlumat yoxdur. Burada iki fikir səsləndi. Bir tərəfdən deyirlər ki, bələdiyyələrə bu qədər səlahiyyəti vermək olmaz, digər tərəfdən də deyirlər ki, bu səlahiyyətlər gərək qəti formada verilsin. Bizim qanunvericilik praktikasına uyğun olaraq qanuna belə müddəaların yazılması düzgün deyil. Bələdiyyələrə verilə biləcək səlahiyyətlər burada qeyd olunub və bu bir-iki ilin işi deyil, uzun müddət tələb edir.

Burada nəzərdə tutulub ki, müvafiq icra hakimiyyəti orqanı tərəfindən proqram hazırlanacaq və səlahiyyətlər bu proqram əsasında veriləcəkdir. Bu, respublika səviyyəli proqram olacaq və şübhəsiz, yerli icra hakimiyyəti orqanları da onlardan asılı məsələləri öz proqramlarında əks etdirəcəklər. Bu proqramlarda kadr məsələləri, bələdiyyələrin bu işləri öz üzərlərinə götürmək təcrübəsi, maliyyə təminatı və digər məsələlər öz əksini tapmalıdır. Mən vaxtınızı çox aparmaq istəmirəm. Burada xeyli təkliflər oldu, ancaq bu təklifləri qanuna yazmaq çətin olacaq. Odur ki, kimin təklifi varsa, xahiş edirəm, konkret formada yazın, biz onları mütləq nəzərə alarıq. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Hörmətli millət vəkilləri, xahiş edirəm, qanun layihəsinin birinci oxunuşda qəbuluna münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri    (saat 14.00 dəq.)

Lehinə    103
Əleyhinə    5
Bitərəf    3
Səs vermədi    0
İştirak edir    111
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi. Tənəffüs elan edilir.

(FASİLƏDƏN  SONRA)

Sədrlik edən.
İclasımızı davam etdiririk. Gündəliyin ikinci məsələsi Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Sosial siyasət daimi komissiyasının üzvü Elmira Axundovaya söz verilir.

E. Axundova, Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü.


Çox hörmətli cənab Sədr, çox sağ olun. Biz bu gün çox mühüm bir qanun layihəsini müzakirəyə təqdim edirik. Cəzaçəkmə müəssisələrindən azad edilmiş şəxslərin sosial adaptasiyası məqsədi daşıyan düzgün siyasət cəmiyyətin demokratik inkişafı səviyyəsinin mühüm göstəricisidir. Bu siyasət məhbus azad edildikdən sonra ona sosial cəhətdən məsuliyyətli həyat sürməyə, cəmiyyətdə özünü tam bərabərhüquqlu şəxs kimi hiss etməyə imkan verməlidir. Problemin aktuallığı ondan ibarətdir ki, Azərbaycanda məhkumların bir hissəsi azadlığa çıxdıqdan sonra 5 il müddətində yenidən cinayət törədir. Məsələn, Məhkəmə Qərarlarının İcrası Baş İdarəsinin rəsmi məlumatına görə, hər il 4 minə yaxın adam azadlığa çıxır, lakin nə vaxtsa cinayət törətmiş təxminən 1000 nəfər yenidən həbsxanaya qayıdır. Rəsmi məlumata görə, bu halda cinayətlərin təkrar baş verməsi 7 faizdən 10 faizə qədərdir. İctimai təşkilatların məlumatlarına görə, bu faiz daha yüksəkdir.

Residivə çoxsaylı obyektiv və subyektiv amillər səbəb olur. Həbsxana mühitinə öyrəşmək, ailə, qohumlar və əmək kollektivi ilə sosial faydalı əlaqələrin zəifləməsi, ya da tamamilə qırılması, təhsilin və peşə hazırlığının yüksək olmaması, cəmiyyətin mənfi münasibəti belə amillərdəndir. Azadlıqdan məhrumetmə yerlərindən çıxanların çoxu əmək və məişət, yeni peşələrə yiyələnmək, əlavə təhsil almaq məsələlərini yenidən həll etməli olurlar və bəziləri üçün bu məsələlər müşkül problemə çevrilir.

Azərbaycan Respublikasının Cəzaların İcrası Məcəlləsində məhkumların bir sıra vəzifə və hüquqları, onların islah-əmək müəssisələrində işlə təmin olunması, maddi-məişət, tibbi-sanitariya, peşə təhsili və peşə hazırlığı, psixoloji və sosial yardım almaq hüquqları və bir sıra digər məsələlər təsbit olunmuşdur. Lakin qüvvədə olan Cəzaların İcrası Məcəlləsi cəzanın icrası müddəti bitdikdən sonra dövlətin və azadlığa çıxan şəxsin münasibətlərini tənzimləmir və sosial yardım göstərilməsi qaydasını müəyyən etmir. Halbuki bu problem son dövrlərdə aktuallıq kəsb edir. Hazırda penitensiar sistemdə geniş miqyaslı islahatlar aparılır, Cinayət-Prosessual Məcəlləsinin bir sıra maddələri humanistləşdirilir. Bütün bu islahatlar beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.

Bununla yanaşı, dövlət rəhbəri, hörmətli Prezidentimiz İlham Əliyev humanist siyasət apararaq çoxsaylı əfv fərmanları imzalayır və imzalamaqdadır. Məsələn, 1995-2007-ci illərdə əfv haqqında 42 fərman imzalanıb. Bunun nəticəsində 5000 nəfər azadlığa buraxılıb. Bundan əlavə, respublikamızda vaxtaşırı amnistiyalar elan olunur və nəticədə minlərlə insan azadlığa qovuşur. Deməli, penitensiar müəssisələrdən buraxılan və sosial yardıma ehtiyacı olan şəxslərin sayı respublikamızda kəskin surətdə artır. Amma belə yardım göstərilməsinin hüquqi əsasları, dövlət hakimiyyətinin həmin problemlə məşğul olan xüsusi icra strukturları yoxdur. Bu da bir sıra neqativ halların çoxalması və kriminogen vəziyyətin pisləşməsi ilə nəticələnə bilər. Ona görə də adı çəkilən qanun layihəsinin məqsədi həbsdən buraxılan şəxslərin hüquqlarını təmin etməkdən, onlar tərəfindən residivin qarşısını almaqdan, azadlığa buraxılanların uğurlu sosial adaptasiyasının təmin olunması üçün qanunvericilik və normativ hüquqi baza yaratmaqdan, bu şəxslərə əmək və məişət şəraiti yaradılması məsələlərini həll etməkdən, itirilmiş faydalı sosial əlaqələri bərpa eləməkdən ibarətdir.

Qanun layihəsi cəza çəkməkdən azad edilmiş şəxslərə sosial yardım göstərilməsinin hüquqi, təşkilati prinsiplərini və əsas istiqamətlərini, habelə Azərbaycan Respublikasının dövlət hakimiyyəti orqanlarının bu sahədə səlahiyyətlərini müəyyən edir. Qanun 15 maddədən ibarətdir. Qanuna əsas anlayışlar, qanunun tətbiq dairəsi, sosial adaptasiyasının əsas prinsipləri və tədbirləri, cəza çəkməkdən azad edilmiş şəxslərin hüquq və vəzifələri, sosial adaptasiya tədbirlərini həyata keçirən orqan və müəssisələr, qeydiyyat məsələləri, məşğulluğun təmin olunması, tibbi, hüquqi, psixoloji və informasiya yardımının göstərilməsi və digər məsələləri əhatə edən maddələr daxildir.

Qeyd etmək istərdim ki, Sosial siyasət daimi komissiyası qanunları mütəmadi olaraq komissiya üzvləri, aidiyyəti şöbələr və işçi qruplarının birgə səyi ilə hazırlayır. Bu baxımdan müzakirə olunan qanun layihəsi üzərində iş prosesində Ədliyyə Nazirliyinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Səhiyyə Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət işçi qrupu yaradılmışdır. Bir neçə ay ərzində qanun layihəsi üzərində fəal iş getmiş, bir sıra dəyərli təklif və mülahizələr irəli sürülmüş, yuxarıda sadaladığım nazirliklərdən müsbət rəy alınmışdır.

Qanun layihəsinin birinci variantı Sosial siyasət daimi komissiyasının iclasında müzakirə olunmuş, sonra isə qanun Sosial siyasət, İnsan hüquqları, Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyalarının birgə iclasında baxılmış və bir sıra təkliflər nəzərə alınmaqla bəyənilmişdir. Bu qanun layihəsi hazırlanarkən Rusiya, Belarus, Ukrayna və digər MDB dövlətlərinin təcrübəsi öyrənilmiş, həmçinin Avropa ölkələrinin, beynəlxalq qurumların təcrübəsindən, o cümlədən Avropa Şurası Parlament Assambleyasının 1257, 1656 və 1838 nömrəli tövsiyələrindən istifadə edilmişdir. Ümumiyyətlə, qeyd etmək lazımdır ki, inkişaf etmiş demokratik dövlətlərdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası məsələləri dövlətin və qeyri-dövlət təşkilatlarının diqqət mərkəzindədir. Məsələn, ABŞ Prezidenti ölkədə vəziyyət haqqında illik müraciətində ən kəskin sosial problemlərin həlli və ehtiyacı olanlara yardım göstərilməsi sahəsində strateji istiqamətləri açıqlayaraq xüsusi plan təqdim edir. Planda azadlıqdan məhrumetmə yerlərindən buraxılmış şəxslərə yardım üçün yerli dini qurumların və federal idarələrin səylərinin birləşdirilməsi nəzərdə tutulur. Bu təşəbbüs 300 milyon dollardan artıq vəsaitin ayrılmasını nəzərdə tutur və keçmiş məhbuslara müvəqqəti mənzil verilməsinə, onların peşə hazırlığı keçməsinə, iş yerləri təşkil edilməsinə və sair işlər görülməsinə yönəlmişdir. Bir çox Avropa ölkələrində isə icra hakimiyyəti orqanları nəzdində sosial adaptasiya şuraları mövcuddur.

Hesab edirik ki, bu qanun yalnız o halda səmərəli ola bilər ki, bütün cəmiyyət keçmiş məhbusların sosial adaptasiyası məsələsini dərk etsin və bu kateqoriya şəxslərin sosial inteqrasiya məsələsinə hər vasitə ilə kömək etsin. Bu işdə humanitar, dini və qeyri-hökumət təşkilatlarının da rolu böyük ola bilər. Tənqiddən, etinasızlıqdan səmərəli, əməli işə keçmək lazımdır. Hər işi dövlətin, hökumətin çiyinlərinə atmaq olmaz. Bu yükün bir qismi vətəndaş cəmiyyətinin çiyinlərinə düşməlidir. Bu gün hüquq müdafiəçilərimiz, əsasən, şişirdilmiş və ümumiyyətlə, süni yaradılmış siyasi məhbus problemi ilə məşğul olurlar. Əfv məsələləri komissiyasının üzvləri hüquq müdafiəçilərinin siyahılarını araşdırarkən orada adam oğurluğu ilə, reketçiliklə məşğul olan, hətta terrorçuluqda ittiham olunan cinayətkarların adlarına rast gəlirlər. Belə hallar təəccüb və təəssüf doğurmaya bilməz. Bu qanun layihəsi qəbul edildikdən sonra isə hüquq müdafiəçilərimiz üçün təzə hüquqi sahə yaranacaqdır, çünki qanun layihəsinə əsasən sosial adaptasiya tədbirlərinin həyata keçirilməsində fiziki və hüquqi şəxslərlə yanaşı, qeyri-hökumət təşkilatları da könüllülük əsasında məşğul ola bilərlər. Hər kəs bu humanist və cəmiyyət üçün çox böyük aktuallıq kəsb edən sahəyə öz vətəndaşlıq töhfəsini verə bilər. Hörmətli millət vəkilləri, təqdim edilən qanun layihəsinin təkmilləşdirilməsi və tamamlanması barədə öz qeyd və təkliflərinizi bildirmənizə şad olarıq. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Sağ olun, Elmira xanım. Qanun layihəsinin müzakirəsinə keçirik. Məlahət Həsənova.

M. Həsənova. Çox sağ olun, cənab Sədr. Parlamentin müzakirəsinə verilmiş qanun layihəsi bir daha ölkəmizdə bütün sahələrdə, xüsusən ədliyyə sahəsində uğurla həyata keçirilən islahatların bariz nümunəsidir. Son illərdə ədliyyə sahəsində aparılan islahatlar nəinki Azərbaycan ictimaiyyəti, həm də ayrı-ayrı nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilir. Ona görə də parlamentin müzakirəsinə verilmiş bu qanun layihəsini aparılan islahatların davamı kimi qiymətləndirirəm.

Qanun layihəsi ilə bağlı bir neçə fikrimi demək istəyirəm. Elmira xanım Azərbaycanda belə bir layihənin həyata keçirilməsini çox gözəl əsaslandırdı, bu sahədə mövcud olan beynəlxalq təcrübəni xüsusi qeyd elədi. Amma mən heç Avropanın, ABŞ-ın təcrübəsini yox, Azərbaycanın öz təcrübəsini xatırlatmaq istəyirəm. 10 ildən artıqdır ki, Azərbaycanda ulu öndərimizin fərmanı ilə yaradılmış Əfv məsələləri üzrə komissiya fəaliyyət göstərir. Belə bir komissiyanın Prezident səviyyəsində yaradılması, heç şübhəsiz, dövlət siyasətinin humanist tərkibli olmasını göstərir. Bu, cəmiyyətin hər bir üzvünün bu məsələyə diqqətinin artırılmasına yönəlmiş bir siyasətdir.

Mən bu qanunun müsbət, qiymətli cəhətləri ilə bağlı fikrimi bir də onunla əsaslandırmaq istərdim ki, həqiqətən, məhkumluqdan azad olan şəxslərin reabilitasiyası, cəmiyyətə inteqrasiyası, adaptasiyası ilə bağlı belə bir qanun dünyanın inkişaf etmiş bir neçə ölkəsində var. Yəni məhkum azadlığa buraxılarkən onun cəmiyyətə inteqrasiyası, adaptasiyası üçün dövlətin qayğısı var. Kanadada, Skandinaviya ölkələrinin bəzilərində belə mərkəzlər var. Bu gün Azərbaycanda da belə bir işin aparılması sübut edir ki, doğrudan da, Azərbaycan gündən-günə inkişaf edir, onun dövlət büdcəsi zənginləşir və dövlətimiz nə qədər güclənirsə, onun apardığı sosial yönümlü siyasət də daha sürətlə inkişaf edir. Ona görə mən bu qanun layihəsinə səs verəcəyəm və digər həmkarlarımı da buna səs verməyə çağırıram.

Amma bizim parlament təcrübəmiz göstərir ki, çox vaxt qanunun işləməsi ilə bağlı bəzi vacib məqamlar nəzərə alınmadıqda, yaxud qanun dəqiq, səlis, konkret yazılmadıqda onun həyata keçirilməsində bir çox problemlər yaranır. Biz dəfələrlə təcrübəmizdə görmüşük ki, qanunların işləmə mexanizmi aydın olmadıqda, yaxud konkretlik az olduqda onlar deklarativ sənəd xarakterini daşıyır. Ona görə də mən bir neçə məsələni diqqətinizə çatdırmaq istərdim. Ümumiyyətlə, qarşıya qoyulan problemə yönələn məsələ çox düzgündür. Amma mən qanunun adının başqa cür ifadə olunmasını komissiyanın iclasındakı çıxışımda da demişdim. Çünki “cəza çəkməkdən azad edilmiş” dedikdə, belə çıxır ki, bu ancaq əfv və ya amnistiya ilə azadlığa buraxılan məhkumlara aid olur. Çünki bir il ərzində, yəni 2006-cı ildə əfv fərmanı şamil olunan məhkumların sayı 300-dən artıqdır, müddəti bitdikdən sonra azadlığa buraxılan məhkumlar isə minlərlədir. Ona görə mən təklif edirəm ki, bütün məhkumlara şamil olunsun deyə bu qanunun adı “Penitensiar müəssisələrdə cəza müddəti bitmiş şəxslərin sosial adaptasiyası haqqında” olsun. Belə yazılsa, onda bu həm əfv, yaxud amnistiya qərarı ilə azadlığa buraxılmış şəxslərə, həm də cəza müddəti bitdikdən sonra azadlığa buraxılanlara aid olardı.

İkinci, qanunda 5-ci maddədən sonra ayrıca bir maddənin olması çox yerinə düşərdi. Çünki qanunda cəza müddəti bitmiş şəxslər üçün Sosial adaptasiya mərkəzinin yaradılması göstərilir. Amma bu, qanunda 6-cı maddənin içərisində göstərilir və ona görə tam fərqli bir istiqamətdə gedir. Yəni konkret işə gəldikdə gah Sosial adaptasiya mərkəzi, gah da müvafiq icra hakimiyyəti göstərilir. Ona görə mən təklif edərdim ki, qanun layihəsində xüsusi bir maddə olsun və o, “Sosial adaptasiya mərkəzinin vəzifələri” adlansın.

6.1.3-cü maddədə göstərilir ki, yaşayış sahəsi olmayan şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin etmək. Bu gün onsuz da bütün dünyada belə bir problem var. Yəni Azərbaycanda da mənzil şəraiti olmayan insanlar var. Onda belə çıxır ki, azadlığa buraxılandan sonra məhkumların mənzillə təmin olunmasına daha çox şansı var, nəinki azadlıqda olanların. Ona görə mən təklif edərdim ki, 6.1.3-cü maddə belə olsun: mənzil-məişət probleminə kömək etmək. Bu formada verilməsi sonrakı maddələrdə göstərilən məsələlərə də aydınlıq gətirər.

7.3-cü maddədə yazılıb ki, sosial adaptasiya müddəti bir ildir. Birincisi, bu bir il nəyin əsasında götürülüb, bunun əsası varmı? İkincisi isə belə bir qaranlıq məqam var: azadlığa buraxılmış elə şəxs var ki, o, 3 il azadlıqdan məhrum edilmişdir, elə məhkum da var ki, qatı cinayətkardır. Onda belə çıxır ki, adi, yəni nisbətən yüngül cinayət törətmiş, cəzası az olan məhkumla ağır cinayət törətmiş məhkum arasında heç bir fərq yoxdur. Amma əslində, bunların psixoloji vəziyyətləri tam fərqlidir. Ona görə xahiş edərdim ki, bu maddə belə verilsin: ”Fərdi qaydada olmaqla bir ildən gec olmayaraq sosial adaptasiya müddəti həyata keçirilir. Bu müddət müstəsna hallarda müvafiq icra hakimiyyəti orqanlarının ümumi razılığı ilə uzadıla bilər”. Belə olduqda artıq məhkuma da fərdi qaydada yanaşma olacaq.

Sonra, həmkarlarımın diqqətini 9.1, 9.2-ci maddələrə cəlb etmək istərdim. Bu maddələr çox böyükdür. 9.1-ci maddədə dörd mənalı fikir var, 9.2-ci maddədə də həmçinin. Olmazmı ki, 9.1 və 9.2-ci maddələrin hərəsi bir neçə maddəyə bölünsün. Mən bunu oxumaqla vaxtınızı almaq istəməzdim, çünki hər birinizdə qanun layihəsi var. 9.1-ci maddə özündə gözəl məsələlərin həllini ehtiva edir, ona görə bunlar 3 yarımbənddə göstərilsə, daha yaxşı olardı. Bu, 9.2-yə də aiddir. Bu qədər böyük bəndin olması, mənə elə gəlir ki, həm qanunun dilini ağırlaşdırır, həm də mürəkkəb bir fikir olur. Bu qanunu hər bir vətəndaşın oxuyub başa düşməsi üçün bunları nəzərə alsaq, daha yaxşı olar.

9.3-də qeyd olunur ki, cəza çəkməkdən azad edilmiş 14 yaşadək. Məncə, 14 rəqəmini götürmək də yaxşı olardı. Belə verilsəydi, daha yaxşı olardı: “Himayəsində yetkinlik yaşına çatmayan uşaq olan cəza müddəti bitmiş şəxslər”.

Nəhayət, 11-ci maddədə “yoluxucu xəstəlik” və sair yazılıb. Bunu daha konkret yazmaq olar: “ətrafdakılar üçün təhlükəli olan xəstəliklərə tutulmuş”. Bu cür yığcam verilsə, daha yaxşı olardı. Bir daha həmkarlarımı bu qanuna səs verməyə çağırıram. Çox sağ olun.

Sədrlik edən. Çox sağ olun. Azay Quliyev.

A. Quliyev. Təşəkkür edirəm. Cənab Sədr, hörmətli millət vəkilləri! Mən əsas məsələyə keçməmişdən qabaq istəyirəm, təklif verəm ki, çıxışlar 5 dəqiqə olsun. Çıxışların 5 dəqiqəyə endirilməsini məndən başlayaq ki, başqaları inciməsinlər. Çünki birinci oxunuşdur və yaxşı olar ki, qanun layihəsinə konseptual baxımdan münasibət bildirək.

Əziz həmkarlar, hörmətli mətbuat nümayəndələri! Bu gün, həqiqətən də, etiraf olunmalıdır ki, Azərbaycanda penitensiar sistemdə çox ciddi islahatlar aparılmaqdadır. Mən şəxsən bunun canlı şahidiyəm, çünki penitensiar sistemə ictimai nəzarət üzrə Ədliyyə Nazirliyində ayrıca bir şura fəaliyyət göstərir və onun seçilməsində 2 nəfər millət vəkili – hörmətli Rəbiyyət xanım və mən iştirak edirik. Həmin şuranın bilavasitə tərkibi qeyri-hökumət təşkilatlarından, ictimai birliklərdən formalaşıb. Bu, Avropa Şurası məkanında çox gözəl bir nümunədir. Bu gün penitensiar sistemin problemləri, çətinlikləri və bu sistemin divarlarından azad olan insanların sonrakı taleyi ilə bağlı, təvazökarlıqdan uzaq da olsa, az-çox bizdə məlumat var və bu məlumata əsasən mən fikirlərimi sizinlə bölüşmək istəyirəm.

Əvvəla, ondan başlayım ki, həmkarım Məlahət xanım çox haqlı qeyd etdi, qanunun adında dəyişiklik etmək lazımdır. Çünki burada göstərilir ki, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslər. Mən başa düşdüyüm qədər bunlar əfv və digər normativ hüquqi aktlarla azad olunan şəxslərə aid edilir. Ziyafət müəllim narazılığını ifadə edir, yəqin ki, buna arayış versə, daha yaxşı olar. Əgər belə deyilsə, bu, bilavasitə bütövlükdə məhz penitensiar cəza müəssisələrindən azad olmuş şəxslərə aid edilirsə, onda sual yoxdur. Əgər belə olarsa, onda, həqiqətən də, çox ciddi problemlər yarana bilər. Çünki təkcə 2006-cı ildə 4351 şəxs cəzasını çəkərək azadlığa çıxıbdır. Əfvlə isə yalnız 250-yə yaxın şəxs azad olunub. Ona görə də, bu, böyük bir kontingentin belə bir imkandan məhrum olması deməkdir. Buna aydınlıq gətirilsəydi, yaxşı olardı.

Qanunun müddəaları ilə bağlı çox ciddi fikir söyləmək istəmirəm. Hesab edirəm, bu, kifayət qədər normal hazırlanıbdır və yalnız müəyyən təshihlərə ehtiyac var. Yəqin, həmkarlarım tərəfindən bu da qeyd olunacaqdır. Ancaq məni maraqlandıran başqa məsələdir. Bizim qeyri-hökumət təşkilatlarının apardığı araşdırma və monitorinqin nəticəsində belə bir rəqəm alınıb ki, bu gün penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, müddəti başa çatmış şəxslərin 62 faizi çox pis vəziyyətdədir. Onlar normal həyatlarını qura bilməyiblər, ictimai həyata inteqrasiya edilməyiblər, qeydiyyat məsələlərində problemlər var, işlərindən, ümumiyyətlə, danışmağa dəyməz.

Mənə belə gəlir ki, biz çox gözəl qanunlar qəbul edirik, amma ən önəmli iş bu qanunların icrası ilə bağlıdır. O baxımdan düşünürəm ki, bu gün bizim Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu istiqamətdə nəzarəti gücləndirməlidir. Məsələn, işə götürənlərin, bilirsiniz, heç də hamısı bu tipdə insanları çox böyük məmnuniyyətlə işə qəbul etmir. Təbii ki, mən psixoloji durumu da qəbul edirəm və anlayıram ki, böyük cinayət törətmiş şəxsləri yuxarı başa əyləşdirmək də düzgün deyil, bir az çətindir. Amma, eyni zamanda, gəlin, etiraf edək ki, bu gün cəmiyyətdə keçmiş məhbuslara münasibət adekvat deyil. Ona görə də burada müəyyən bir ictimai nəzarət olmalıdır və işə götürənlərin bu istiqamətdə müəyyən öhdəlikləri olmalıdır.

Bütövlükdə isə mən hesab edirəm, bu qanun layihəsi qəbul olunduqdan sonra ən önəmli uğurlardan biri ondan ibarət olacaq ki, həmin şəxslər yenidən cinayət törədib cəza evinə qayıtmayacaqlar. Əgər onların sosial reabilitasiyası doğru şəkildə həyata keçirilərsə, uğurlar əldə olunarsa, mən şübhə etmirəm ki, müxtəlif yaş kateqoriyasına malik insanlar özlərinin keçmiş səhvlərindən nəticə çıxarıb, bir daha cinayət törətməyəcəklər.

Yekunda istərdim ki, mən bir maddəyə diqqətinizi cəlb edəm. İstərdim ki, bu qanunun bütövlükdə həyata keçirilməsi ilə bağlı məsuliyyət bölməsində xüsusi bir nəzarət mexanizminin yaradılması da, mövcud qumların birinə bunun ayrıca həvalə edilməsi də öz əksini tapsın. Bütövlükdə həmkarlarıma və layihəni hazırlayan bütün insanlara təşəkkürümü bildirirəm. Hesab edirəm ki, qanun layihəsi çox aktualdır və bunu qəbul etmək olar. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Təklif edildi ki, çıxışlar 5 dəqiqə olsun. Etiraz yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Onda 5 dəqiqə edirik. Azay müəllim, bəli, qanunun adı “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”dır. Bu ad Sizin dediyiniz hər iki məsələni özündə ehtiva edir. Amnistiya ilə azad olunmuşlarla cəzasını çəkib azad olunmuşların nə fərqi var? Bu, eyni fikirdir.

Məlahət xanım da 3 il cəza çəkənlərlə 10 il cəza çəkənlərin fərqi barədə danışdı. Yüngül cəza törədib, cəzasını 3 il çəkib. Bunu məhkəmə aydınlaşdırır. 10 illik cəza çəkənin də uyğun cəzasını verib. Bunu ayırmağın da mənasını görmürəm. Fazil Mustafayev.

F. Mustafayev.
Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də qanunun adına olan iradla razılaşıram və hesab edirəm ki, bu ad bizim nəzərdə tutduğumuz məqsədi ehtiva etmir. Yəni burada dəqiq göstərilməlidir ki, əfv və amnistiya ilə cəza çəkməkdən azad edilmiş şəxslərlə cəza müddəti bitmiş şəxslər bir-birindən fərqlənirlər. Bunu fərqləndirmək hər halda terminoloji baxımdan daha düzgün olar.

İkinci bir məsələ. Təbii ki, bu qanunun qəbul olunmasına böyük bir ehtiyac var. Azərbaycanda ən uğurlu islahatlar bəlkə də bu sahədə aparılır. Bunu etiraf etmək lazımdır. Artıq azadlıqdan məhrumetmə yaşamaqdan, tibbi xidmətdən məhrum etmək kimi anlaşılmır. Bu sahəyə baxan müvafiq dövlət qurumları tərəfindən həbsxanalarda şəraitin yaxşılaşdırılması istiqamətində çox mühüm addımlar atılır. Rayonlarda, bölgələrdə yeni həbsxanaların tikilməsi insanların öz yaxınlarına baş çəkməsi, onların problemləri ilə maraqlanması üçün münbit şərait yaradır.

Bu sahədə müəyyən irəliləyişlərin olduğunu qeyd etməklə yanaşı, mən bu qanunla bağlı fikirlərimi söyləmək istəyirəm. Düşünürəm ki, qanundan bir az real olmayan bir sıra müddəalar çıxarılmalıdır. Bu nə ilə bağlıdır? Məsələn, mənzil-məişət şəraitinin yaxşılaşdırılması. Çox qəribədir, heç millət vəkillərinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasında ortaya çıxan problemləri həll etmək imkanına sahib olmayan bir vəziyyətdə biz həbsxanadan çıxmış adamların mənzil-məişət şəraitini hansı formada yaxşılaşdıracağıq? Yaxud da göstərilir ki, icra hakimiyyətləri bu barədə müəyyən addımlar atmalıdırlar. Hansı addımlar atmalıdırlar? Ona görə də biz bu müddəaları qanuna salmaqla, həm həbsxanadan çıxmış insana yalançı ümidlər veririk, həm də icra hakimiyyətlərini çətin vəziyyətdə qoyuruq.

Yaxud da yazılıb ki, kvotalaşdırılmış iş yerləri ilə təmin oluna bilər. Ölkədə müəssisələrin əksəriyyəti özəl mülkiyyətə verilib. İcra hakimiyyəti özəl müəssisələrə tapşıracaq ki, bu, həbsxanadan çıxıb, onu işə götür? Bu cür yanaşma olmaz. Mənə elə gəlir ki, bu qanunun daha yaxşı işləməsi üçün ümumi respublika səviyyəsində ciddi çalışan, ciddi nəzarət altında olan reabilitasiya mərkəzi yaradılmalıdır. Həbsxanadan çıxmış vətəndaşların bir il müddətində bu mərkəzdə müəyyən mənada bu prosesi keçməsi öz arzuları ilə təmin olunmalıdır. O baxımdan burada qeyri-real mənzil-məişət şəraitindən daha çox bu insanlara birinci növbədə tibbi yardımla bağlı konkret müddəalar olmalıdır. Çünki onların böyük əksəriyyəti oradan xəstə, yaxud da səhhəti ilə bağlı problemlərlə çıxır. Birinci növbədə bunu həll etmək lazım gəlir. Məsələn, qayıdanda evlərində problem olur. Hansı icra hakimiyyətinin əlində yataqxana var ki, buradan çıxan insanları yataqxana ilə təmin eləsin? Ona görə də bunun həlli reabilitasiya mərkəzi formasında olmalıdır.

Burada göstərilir ki, bu vəsait dövlət büdcəsindən maliyyələşdirilir. Əgər dövlət büdcəsindən mücərrəd maliyyələşdirmə məsələsi olsa, bu, bir yeyinti mənbəyi olacaqdır, bu pul heç həmin şəxslərə də gedib çatmayacaqdır. Konkret ünvan göstərilməsə, hesab edirəm ki, bu sahədə də irəliləyiş olmayacaqdır.

Çox vacibdir ki, başqa ölkələrdə cəza çəkmiş şəxslərlə bağlı müddəalar dəqiqləşdirilsin. Burada göstərilir ki, onlar 3 ay müddətində müraciət etsələr, baxıla bilər. Məncə, bu müddət 6 aya qaldırılmalıdır və həmin şəxslərin bu maddədən yararlanmaq imkanları ciddi şəkildə nəzərə alınmalıdır. Çünki Azərbaycandan başqa ölkələrdə cəza çəkənlərin sayı da kifayət qədər çoxdur. Biz nəzərə almalıyıq ki, bunların bir qismi Azərbaycan vətəndaşlarıdır, onların da hüquqları qorunmalıdır. Mən hesab edirəm ki, bu qanunun müddəalarının tədqiqi ilə bağlı müəyyən problemlər o vaxt aradan çıxacaq ki, ümumiyyətlə, cəzaçəkmə yerlərindən azad olmuş şəxslərə cəmiyyətdə münasibət dəyişsin. Çünki bu adamları işə götürən yoxdur. Bu adamların hətta keçmişdə yaşadıqları evə qəbul edilmədiyi bir çox hallar da olur. Ona görə də bu məsələlərlə daha ciddi, xüsusi məşğul olan dövlət qurumu olmalıdır. Mən reabilitasiya mərkəzlərinin bu istiqamətdə fəaliyyət göstərməsini daha vacib hesab edirəm. Ümumiyyətlə, bu qanunun aktual olduğunu qeyd edirəm.


Azərbaycan  Respublikası  Milli  Məclisi  Sədrinin
birinci  müavini  Z. Əsgərov  sədrlik  edir


Sədrlik edən. Sağ olun. İlyas İsmayılov.

İ. İsmayılov. Hörmətli Ziyafət müəllim, hörmətli millət vəkilləri! Hansı formada qəbul edilməsindən asılı olmayaraq, hesab edirəm ki, müzakirə olunan maddələrin qəbulu cinayətkarlığa qarşı mübarizədə əhəmiyyətli rol oynayacaq. Hamımıza məlumdur ki, azadlıqdan məhrumetmə yerlərində məhkumlar həmişə nəzarət altında olurlar, onlar bir rejim şəraitində yaşayırlar. Bu insanlar, xüsusi ilə uzun müddət azadlıqdan məhrum olunmuş insanlar azadlığa çıxdıqda isə məişət-mənzil, tibbi yardım xarakterli bir çox problemlər yaranır. Ən əsası isə bu insanlar cəmiyyətdə özlərinin etiraf olunmasını, onlara insani münasibət olmasını istəyirlər. Mən hesab edirəm ki, bu qanunun qəbulu və həyata keçirilməsi, əlbəttə, bu problemləri tam həll edə bilməyəcək, ancaq bu istiqamətdə ciddi addım olacaq.

Elmira xanımın dediyi kimi, qanun layihəsi komissiyaların birgə iclasında müzakirə olundu, mən də iclasda çıxış etdim. Orada dediyim iradların bir çoxu nəzərə alınıbdır. Ancaq mən elə hesab edirəm ki, bu qanunun redaktə olunmasına böyük ehtiyac var. Məsələn, 3.2-ci maddədə bir cümlədə iki dəfə “müəyyən olunmuş” ifadəsi işlənib. Yaxşı olardı ki, biri “müəyyən olunmuş”, digəri “nəzərdə tutulan” kimi yazılsın. Yəni “cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası ilə bağlı bu qanunla nəzərdə tutulan tədbirlər yalnız qanunvericilikdə müəyyən edilmiş qaydada”. Cümlənin sonunda da “məhdudlaşdırılan şəxslər” yox, “şəxslər barəsində məhdudlaşdırıla bilər” kimi yazılsın. Çünki münasibətlərdə bu alınmır.

4-cü maddədə yazılır ki, cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya aşağıdakı prinsiplər əsasında göstərilir. Sosial adaptasiya tamaşa deyil, göstərilmir. O bir uyğunlaşma prosesidir. Bu proses həyata keçirilir. “Həyata keçirilir” yazsanız, daha yaxşı olar.

Mənə elə gəlir ki, 9.5-ci maddə “valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olunmuş” sözləri ilə başlamalıdır, “cəza çəkməkdən azad edilmiş şəxslər” ifadəsi sonra əlavə olunmalıdır. Bilirsiniz, gərək qanunda hər şey müəyyən bir sistemlə verilsin. Bir yerdə “sosial və tibbi yardıma” yazırlar, başqa yerdə “tibbi və sosial yardıma”. Hesab edirəm ki, 13.1-də “sosial və tibbi yardıma“ yazılsa, daha yaxşı olar.

Nəhayət, mən çıxışımın əvvəlində niyə dedim ki, hansı formada olmasından asılı olmayaraq? Düzdür, Elmira xanım çıxışında bu məsələyə toxundu, dedi ki, Cəzaların İcrası Məcəlləsində dəyişiklik etmək olmaz. Çünki ancaq cəzalarla qurtarır. Cəzaların İcrası Məcəlləsinin 177-ci maddəsi var, bu məsələləri ümumi şəkildə əhatə edir. Onu genişləndirib, bu maddəni də ora salmaq olar. Sovet dövründə adaptasiya məsələləri islah-əmək hüququnda öyrənilirdi. Yəni 170-ci maddəyə salmaq olar. Söhbət ondan gedir ki, bu, prinsipial xarakter daşımır. Məncə, salınsa, daha yaxşı olar. Qanundan istifadə etmək baxımından da yaxşı olar. O da prinsipial əhəmiyyət kəsb etmir. Hansı formada qəbul edilməsindən asılı olmayaraq, bu, gözəl qanundur. Hesab edirəm ki, biz bunun qəbuluna çalışmalıyıq. İlk növbədə ona çalışmalıyıq ki, azadlıqdan məhrum edilmiş şəxslər cəmiyyətə qayıdanda onlara insani münasibət olsun və əməllərinə baxmayaraq cəmiyyət tərəfindən etiraf olunsunlar. Təkrar edirəm, bu qanun atdığımız ciddi addımdır. Çox sağ olun.  

Sədrlik edən. Sağ olun. Rafael Cəbrayılov.

R. Cəbrayılov. Çox sağ olun, Ziyafət müəllim. Hörmətli deputatlar, mən əvvəlcədən vurğulamaq istəyirəm ki, bu çox zəruri bir qanun layihəsidir və cəza çəkməkdən azad edilmiş şəxslərin cəmiyyətə adaptasiya olunması, onların cəmiyyətin layiqli bir üzvünə çevrilməsi istiqamətində qanunvericilik hakimiyyətinin gördüyü çox mühüm qanun yaradıcılığı tədbirlərindən biridir. Bu, dövlətin bu məsələ ilə bağlı siyasi iradəsini özündə əks etdirən mühüm bir sənəddir. Bu qanun layihəsi mənim də üzvü olduğum Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasında və daha iki komissiyanın birgə iclasında işgüzar bir şəraitdə müzakirə olunub, Milli Məclisin müzakirəsinə tövsiyə edilib. Mən əvvəlcədən bu qanun layihəsini dəstəkləyirəm və həmkarlarımı da layihənin qəbul olunmasına səs verməyə dəvət edirəm.

Mən istərdim ki, bəzi məsələlər barədə öz mülahizələrimi bildirim. Birincisi, həmkarlarımın qanunun adı ilə bağlı bir sıra iradları oldu. Mən hesab edirəm ki, qanunun adı fikri çox düzgün ifadə edir. Çünki cəzadan azad olmanın bir sıra hüquqi əsasları ola bilər. Bu hüquqi əsaslar içərisində məhkəmənin qərarı da ola bilər, digər normativ aktlar da ola bilər, müddətin bitməsi də ola bilər. Müddətin bitməsi özü cəza çəkməkdən azad olmanın hüquqi əsaslarından biridir.

Digər tərəfdən, istərdim ki, burada “şəxslər” sözü “məhkumlar” sözü ilə əvəz olunsun. Amma istəməzdim bu təklifi verim. Çünki bir tərəfdən “məhkumlar” sözü onların hüquqi statusunu düzgün müəyyən etsə də, digər tərəfdən bu insanları “məhkum” sözü ilə damğalayıb cəmiyyətə buraxmağın özü də düzgün olmazdı.

Mən qanun layihəsinin 1.0.2-ci maddəsi ilə bağlı fikrimi bildirmək istəyirəm. Bu maddədə cəza çəkməkdən azad edilmiş şəxslərin dairəsi müəyyən olunur. Burada azadlığın məhdudlaşdırılması, müəyyən müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunmuş və cəza çəkməkdən azad edilmiş, habelə cəzasını çəkmədən şərti azad olunmuş, cəzanın qalan hissəsini çəkməkdən azad olunmuş şəxslər göstərilir. Bu dairədə 2 qrup insanlar var, onları da bura əlavə etmək lazımdır. Bunlar ümumi əfv və amnistiya aktı ilə azadlığa buraxılan şəxslərdir. Hesab edirəm ki, onların da burada göstərilməsi bu maddəni daha dolğun edərdi.

Texniki xarakterli başqa bir təklifim var. Söhbət 4-cü maddədən gedir. Burada göstərilir ki, cəza çəkməkdən azad edilmiş şəxslərə sosial adaptasiya aşağıdakı prinsiplər əsasında göstərilir. Bir maddədir. 6 yarımbənddə 6 prinsip sadalanıb. Hesab edirəm ki, bu 6 prinsipin hər birini ayrı-ayrı sadalamaqdansa, elə maddəni nəqli cümlə formasında yazıb, o prinsipləri orada sadalamaq daha düzgün olardı.

Sonra, mən 9.4-cü maddəyə həmkarlarımın diqqətini cəlb etmək istəyirəm. Burada göstərilir ki, 60 yaşına çatmış kişilər, 55 yaşına çatmış qadınlar, birinci və ikinci qrup əlil olan məhkumlar cəza çəkməkdən azad olunandan sonra öz ərizələrinə və cəza çəkdikləri müəssisənin müdiriyyətinin təqdimatına əsasən qocalar və ya əlillər evlərinə yerləşdirilirlər. Bu müddəanı yazan, yəqin ki, formal baxımdan Cəzaların İcrası Məcəlləsinin 175.3-cü maddəsinə əsaslanıb, çünki orada həmin müddəa bu formada təsbit olunub. Amma mən hesab edirəm ki, cəza çəkməkdən azad olunan həmin şəxsi əgər biz cəmiyyətə adaptasiya eləmək istəyiriksə, onu bir də təkrarən cəza çəkdiyi müəssisəyə göndərib müdiriyyətin təqdimatını almaq düzgün olmazdı. Çünki həmin müəssisə haqqında onun psixi durumunda müsbət tərəfdən heç nə qalmayıb. Ona görə də mən təklif edərdim ki, həm bu qanunda, həm də Cəzaların İcrası Məcəlləsində bu müddəa başqa formada yazılsın və təqdimata da ehtiyac yoxdur. Əgər söhbət adaptasiyadan gedirsə, onun ərizəsi əsasında müvafiq icra hakimiyyəti orqanı onu göndərə bilər.

Bundan başqa, sırf texniki xarakterli başqa bir təklifim də var. Söhbət 12-ci maddədən gedir. Orada belə bir ifadə var: “orta peşə-ixtisas və texniki-peşə təhsili”. Orada “orta” sözündən sonra gələn “peşə” sözü, mən hesab edirəm ki, mexaniki səhvdir. Mən təkrarən həmkarlarımdan bu qanun layihəsini dəstəkləməyi xahiş edirəm. Sağ olun.

Sədrlik edən. Təşəkkür edirəm. Hörmətli millət vəkilləri! Mən bir məsələyə aydınlıq gətirmək istəyirəm. Qanun layihəsinin adı ilə bağlı növbəti çıxışlarda mübahisə qalxmasın deyə, istəyirəm, bu məsələyə nöqtə qoyaq. Bizim hörmətli cənab Sədr bu məsələyə kifayət qədər aydınlıq gətirdi. Bir halda ki, bu məsələ yenə qaldırıldı, onda mən bir daha buna aydınlıq gətirməyə borcluyam. Burada təklif olunur ki, deməli, “cəza çəkməkdən azad edilmiş” sözlərinin əvəzinə “müddəti başa çatmış” ifadəsi işlənsin. Yaxşı, biz bunu penitensiar müəssisələrdə cəza müddəti başa çatmış şəxslərin azad edilməsi və ya azadlığa buraxılması haqqında qanun adlandırsaq, onda əfv və amnistiya qaydası ilə azad olunanlar necə olsun? Onlar burada ehtiva olunmurlar. Ona görə də hesab edirəm ki, qanunun hazırkı adı bu məsələni tamamilə ehtiva edir.

Yeri gəlmişkən, burada Cəzaların İcrası Məcəlləsinin adı çəkildi. Həmin məcəllənin 167-ci maddəsində cəza çəkməkdən azad edilmənin əsasları göstərilir.

Orada yazılır: “Cəza müddəti qurtardıqda, hökmün ləğv edilməsi ilə əlaqədar işin icrasına xitam verildikdə, cəzadan şərti olaraq vaxtından əvvəl azad edildikdə, cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, amnistiya və ya əfvetmə aktına əsasən xəstəliyə və ya qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslara görə”. Azay müəllim, qanun layihəsinin adı bu məsələni tamamilə ehtiva edir və Cəzaların İcrası Məcəlləsində bu məsələ çox yaxşı izah olunur. Fuad Muradov.

F. Muradov. Çox sağ olun. Ziyafət müəllim, çox vaxtında ad ilə bağlı dəqiqləşmə apardınız və hesab edirəm ki, Sizin dediklərinizdən sonra bu problem aradan qalxmalıdır. Təbii ki, bu cür sistemin, yəni sosial adaptasiyanın təqdim olunması ölkə üçün çox müsbət bir haldır. Çünki, adətən, belə maliyyə yüklü tədbirlərin həyata keçirilməsi, yəni reabilitasiya mərkəzlərinin yaradılması, onların geniş vüsət alması təkcə o ölkələrdə şamil olunur ki, orada büdcə buna imkan verir. Ona görə də Azərbaycanda da bunun tətbiq olunması çox müsbət hal kimi qiymətləndirilməlidir. Eyni zamanda, hesab edirəm ki, zamanında qəbul edilən vacib bir qanun layihəsidir. Çünki Azərbaycanda penitensiar sistemdə islahatlar başlanıb və beynəlxalq qanunvericiliyə uyğun olaraq davam etdirilir. Təbii ki, ölkə başçısının penitensiar sistemdə islahatları dəstəkləməsinin də bu sahənin düzgün istiqamətdə inkişafında böyük rolu var. Özüm də hesab edirəm ki, belə bir qanun layihəsinin müzakirə və qəbul olunması çox vacibdir və həmkarlarımı buna səs verməyə çağırıram.

Bir neçə məqam var ki, mən onu rəsmi olaraq müvafiq komissiyaya təqdim eləyəcəyəm. Amma mən bir neçə vacib məsələyə toxunmaq istəyərdim. Birincisi, sosial adaptasiya deyəndə biz daha çox insanların reabilitasiyasından danışırıq. Biz onu düşünməliyik ki, bu insanlar uzun müddətdən sonra yeni həyata qədəm qoyurlar. Onların bu həyatda normal addımlar atması üçün həmin mərkəzlərin yaranması vacibdir. Eyni zamanda, onu da qeyd etmək lazımdır ki, bu mərkəzlərin yaranması heç də asan məsələ deyil. Belə mərkəzlərin yaranması və bunun necə olması ilə bağlı bütün dünyada hələ də mübahisələr və müzakirələr gedir.

Bir statistikanı da burada vurğulamaq istəyərdim. Burada beynəlxalq təcrübədən danışıldı. Beynəlxalq təcrübəyə, statistikaya görə, həmin insanların 60 faizi məhz reabilitasiya mərkəzlərində islah olunurlar. Yəni bəzi ölkələrdə, xüsusən də inkişaf etmiş ölkələrdə reabilitasiya mərkəzlərinin rolu çox böyükdür. Bəzi hallarda reabilitasiya mərkəzlərinin yaranması müəyyən penitensiar müəssisələrin dəyişməsinə gətirib çıxarır. Bu gün biz bu mərkəzlərin yaranmasından danışırıqsa, təbii ki, gələcəkdə büdcəyə baxmalıyıq. Çünki burada dövlətin üzərinə böyük bir məsuliyyət düşür. Bayaq vurğulandı, burada məşğulluğun təmin edilməsindən tutmuş, mənzillə təmin edilməyə qədər müxtəlif məsələlər var. Təbii ki, bu məsələ maliyyə tutumu ilə bağlı olduğuna görə biz büdcəyə bir daha baxmalıyıq.

Burada bir neçə maddədə “borcludur” sözü qeyd olunur. Mən hesab edirəm ki, bu söz “eləməlidir” və ya “olunmalıdır” sözləri ilə əvəz edilməlidir. Çünki dövlət qurumu bunu ixtiyarına götürürsə, eləyir. Yəni burada borc söhbəti ola bilməz.

Maddə 5-də çox ciddi bir məsələ var. Burada yazılır ki, bəzi qeyri-hökumət təşkilatları, bələdiyyələr, fiziki şəxslər könüllülük əsasında həmin prosesə qatıla bilərlər. Mən hesab edirəm ki, hər qeyri-hökumət təşkilatı bunu edə bilər. Amma burada mütləq müəyyən dövlət qurumuna məlumat verilməlidir. Çünki bizim praktikamızda var, hər hansı bir beynəlxalq təşkilat Azərbaycana gəlir, fəaliyyət göstərir və mühüm sosial qruplarla işlər aparır, amma heç bir dövlət qurumunun bu haqda məlumatı olmur. Ona görə də hesab edirəm ki, mütləq müvafiq dövlət qurumuna bu barədə məlumat verilməlidir. Burada heç bir məhdudiyyətdən deyil, sadəcə olaraq, məlumatlandırmaqdan söhbət gedir.

Maddə 9.1-də deyilir ki, həmin insanlar ailəyə qaytarıla bilərlər. İstisna hal kimi ailəyə qarşı törədilmiş cinayətlər göstərilir. Mən hesab edirəm ki, biz bura “ağır cinayətlər törəmiş şəxslər də istisna olmaqla” sözlərini əlavə etməliyik. Bu məsələ geniş müzakirə ediləndən sonra həmin insanların ailədə qəbul olunması, yaxud qəbul olunmaması məsələsi gündəmə gələ bilər.

Növbəti məsələ 13.1-ci maddə ilə bağlıdır. Orada konkret göstərilir ki, müvafiq icra qurumları tərəfindən müəyyən şəxslərə birdəfəlik pul yardımı ödənilməlidir. Burada konkret məbləğ göstərilsə, yaxşı olardı. Yəqin ki, ikinci oxunuşda buna yenə qayıda bilərik. Xüsusi vurğulamaq istədiyim növbəti məsələ yeniyetmə yaşına çatmayan və ya yeniyetmə yaşını keçən...


Azərbaycan  Respublikası  Milli  Məclisinin  Sədri
O. Əsədov  sədrlik  edir


Sədrlik edən. Çox sağ olun. Biz reqlamenti 5 dəqiqə elədik, ona görə də xahiş edirəm, reqlamentə əməl edin. Siyavuş Novruzov.

S. Novruzov. Təşəkkür edirəm. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Təqdim olunmuş qanun layihəsi humanist addım kimi qiymətləndirilə bilər və hesab edirəm ki, gələcəkdə bu qanunun müvafiq müddəalarının təsdiqinə ehtiyac var. Lakin bu gün qanun layihəsi reallığı əks etdirmir. Bunun da bir çox səbəbləri var. Birincisi, qanun layihəsi ilk növbədə ona baxmalıdır ki, şəxs penitensiar müəssisədən cəmiyyətə islah olunub qayıdır, yoxsa islah olunmayıb. Ola bilər ki, bu insan hər hansı bir zəlzələdən, ya vəlvələdən, ehtiyatsızlıq üzündən cəza törədib. Bu, penitensiar müəssisəyə gedir və olan-qalan tərbiyəsi də, işgüzarlığı da pozulur və bundan sonra bilmədiklərinin üstünə bir az da qoyub cəmiyyətə qayıdır. Biz əvvəl baxmalıyıq ki, bu insan orada islah olunubmu? Amnistiyaya, əfvə düşən insanlara da həbsxanada arayış verilir ki, guya bu dövr ərzində onlar islah olunub və cəmiyyətə qayıda bilərlər. Görürsən ki, bir həftədən sonra o, yenidən köhnə dostlarının yanına qayıtmaq arzusundadır və bunu həyata keçirir. Bunun bir səbəbi var. İslah-əmək müəssisələrində insanları ancaq əməklə tərbiyə etmək olar. Bu prinsip yoxdur. Əgər bu adam sürücüdürsə, gedib orada peşəsini də yaddan çıxarır.

Dünya praktikasında belə bir forma mövcuddur ki, əgər bu, qəsdlə cinayət törətməyibsə, ehtiyatsızlıq üzündən cinayət törədibsə, onun islah olunması üçün müqavilə bağlanır. Bu adam tikintilərdə, fermer təsərrüfatlarında və sair yerlərdə işləyir, islah olunur, tərbiyələnir. Qazandığı məbləğin bir hissəsi onun saxlanmasına sərf olunur, digər hissəsi isə yığılır, o, azadlığa çıxdıqdan sonra bundan istifadə olunur. Bu gün bizdə bunlar təsbeh, nərd taxtası düzəltməkdən başqa hansı funksiyanı yerinə yetirirlər və azadlığa çıxdıqdan sonra hansı addımları atacaqlar? Cəmiyyətdə belələrinin islah olunması çox çətindir. Qanun layihəsi ikinci oxunuşda maddə-maddə müzakirə olunanda cəmiyyətlə bağlı öz fikrimizi də bildirərik.

Qanunun 4-cü maddəsində yazılır ki, sosial adaptasiya aşağıdakı prinsiplər əsasında həyata keçirilməlidir. Elə bil, siyasi partiya yaradırlar. Qanunçuluq, humanizm, sosial ədalət, nə bilim, ünvanlılıq və sair. Bilirsiniz, qanunu boş sözlərlə yükləməyə ehtiyac yoxdur. Elə bil ki, hərbi hissə haqqında qanun qəbul edilir. Məxfilik nədir? Əgər bu, cəmiyyətə təqdim olunursa, cəmiyyətdə də islah olunmalıdır. Bu necə məxfi islah oluna bilər? Yazılır ki, könüllülük prinsipi. Əgər bunu islah olunmağa göndərirlərsə, bu deyir ki, mən gərək könüllü islah olunam, könülsüz islah oluna bilmərəm? Yəni yanaşmanın özü düzgün deyil.

Sonra, maddi təminatla bağlı demək istəyirəm. Mən bilmirəm, qanun maliyyə ekspertizasından keçib, ya keçməyib? Bunun maddi təminatı haradan olmalıdır? Vətəndaşlara da, fiziki şəxslərə də, hüquqi şəxslərə də yükləyirik ki, bunlar adaptasiya olunsunlar deyə, siz bunlara maliyyə ayırmalısınız. Törətdiyi cinayət bir yana qalsın, hələ bunlara pul da ayırmalıyıq. Mən hesab edirəm ki, bu məsələlərə yanaşmalarda ciddi olmalıyıq. Uşaq evlərində böyüyüb başa çatanların əksəriyyəti ehtiyac ucundan qayıdıb orada yaşayırlar. Onları işlə, mənzillə təmin eləməyə bizim hələ imkanlarımız məhduddur. Belə olan halda cəza çəkməkdən azad edilmiş şəxsləri necə təmin edəcəyik? Bəli, humanist qanundur, amma reallıq tamam başqa bir şeydir. Ona görə də hesab edirəm ki, qanun reallığa söykənməlidir. Yəni biz qanunu qəbul ediriksə, bu məsələ kənarda qalmamalıdır. Ona görə də mən hesab edirəm ki, bu qanuna yenidən baxılmalıdır. Düzdür, səs verəcəyik, amma yenidən baxılsa, daha yaxşı olar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Əhməd Vəliyev.

Ə. Vəliyev.
Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən də hesab edirəm ki, bu qanun layihəsi çox zəruridir. Müəyyən müddət cəmiyyətdən təcrid olunan insanların yenidən həyata qayıtması üçün bu qanunun çox böyük əhəmiyyəti olacaqdır. Burada həmkarlarım bir neçə məqamlara toxundular, lakin mən cəza çəkmişlərin adaptasiyasında əsas diqqəti təhsilə yönəltmək istəyirəm. Burada əyləşən insanların hamısı gözəl bilir ki, ən yaxşı tərbiyə metodu təhsildir.

Düşünürəm ki, cinayət etmiş şəxsləri 3 qrupa bölmək olar: gənc, orta, yaşlı nəsil. Yaşlı və orta nəsil üçün azad olunandan sonra o qədər də problem olmur. Ona görə problem olmur ki, onun ailəsi, evi, övladları var və onlar qayıdıb evlərində adaptasiya oluna bilirlər. Ancaq gənc nəslin bu istiqamətdə adaptasiya olunması çox çətindir. Cinayət etmiş elə şəxslər var ki, onlar orta məktəbi başa vurmamış olurlar. Orta məktəbi bitirməmiş insanlar cəza çəkməkdən azad edildikdən sonra bunların taleyi nə cür olacaq? Bu barədə mən qanun layihəsində heç bir şey görmürəm.

Burada təhsillə bağlı “Cəza çəkməkdən azad edilmiş şəxslərin təhsilinin və peşə hazırlığının təşkili” adlı 12-ci maddə verilib. Orada yazılıb: “Müvafiq icra hakimiyyəti orqanı cəza çəkməkdən azad edilmiş şəxslərin orta peşə-ixtisas və texniki-peşə təhsili, habelə qısamüddətli peşə hazırlığı kursları vasitəsi ilə peşələrə yiyələnməsinə şərait yaradır”. Birincisi, təhsillə bağlı müvafiq icra hakimiyyəti orqanının hansı təşkilat olduğu burada tam göstərilməlidir. Çünki hamınız çox gözəl bilirsiniz ki, bu gün təhsillə bağlı müvafiq icra hakimiyyəti orqanı bir az müxtəlifləşib. Təkcə Təhsil Nazirliyi yox, eyni zamanda, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası da var.

Digər tərəfdən də Nazirlər Kabineti və başqa təşkilatlar var. Ona görə də mən istədim ki, burada yazılan “müvafiq icra hakimiyyəti orqanı” tam dəqiqləşdirilsin.

Yeri gəlmişkən, qeyd edim ki, bu fikirdə də bir qaranlıq məqam var. Deməli, burada söhbət peşə-ixtisas təhsilindən gedir. Hamınız da gözəl bilirsiniz ki, orta ixtisas təhsili müəssisələrinə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən qəbul aparılır. Ona görə də mən başa düşmürəm ki, bu nə deməkdir? Mənə elə gəlir ki, orta ixtisas təhsili müəssisələrində bunlara təhsil vermək müvafiq icra hakimiyyətinin səlahiyyətində olmayacaq. Digər tərəfdən, burada qeyd edilməyib ki, orta məktəbin 9 illik şəhadətnaməsini hələlik almayan cinayət etmiş insanlar olacaq. Bunlar şəhadətnamə almayıbsa, onların texniki peşə təhsili almaları necə təmin olunacaq? Bu da böyük problemdir. Eyni zamanda, burada göstərilməyib ki, ali təhsil müəssisələrində oxuyanlar, orta ixtisas təhsili müəssisələrində oxuyanlar olub, onlar azadlığa buraxılandan sonra təhsil məsələləri nə cür həll olunacaqdır? Bu da, mənə elə gəlir ki, bu qanunda öz əksini tapsa, çox yaxşı olardı. Mən hesab edirəm ki, təhsillə bağlı məsələlərə yenidən baxmaq şərti ilə bu qanun layihəsinə səs vermək olar. İkinci və üçüncü oxunuşlarda bu məsələlərin hamısı nəzərə alınsa, daha yaxşı olardı. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Qənirə Paşayeva.

Q. Paşayeva. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Mən əvvəlcə bu qanunun hazırlanmasında əməyi keçən insanların hamısına çox sağ olun deyirəm. Çünki bu çox vacib bir məsələdir. Mən burada bəzi həmkarlarımın fikirlərini başa düşə bilmirəm. Azadlığa çıxan şəxslərin nəyə görə təkrar həbsxanaya düşdüyünü təhlil eləsək, onda görərik ki, bu qanun nə qədər vacibdir. Bəzi həmkarlarım deyir ki, nəyə görə bu qədər qayğı lazımdır, sağlam, normal şəkildə həyatda yaşayan insanlara bu qədər qayğı göstərilmir. Bəli, qayğı göstərilməlidir. Normal həyatda olan insanlar normal şəkildə bu cəmiyyətdə fəaliyyət göstərə bilirlər. Amma həbsxanadan çıxan insanlara cəmiyyətin dözümsüzlüyü, onların iş yeri tapması məsələləri də var. Bunlar cəmiyyətin zəif təbəqəsidir və təbii ki, biz onlara daha çox qayğı göstərməliyik. Üstəlik, qayğını göstərməyib nə edəcəyik? Dünyada o insanlar ən qorxulu olur ki, onların itirməyə heç nəyi olmur. Biz bu insanları həyata qaytarmalıyıq. Gəlin, düşünək.

Biz ailəmizdə cinayət törədən, səhv edən, həbsxanaya düşən insanlardan imtina edirik. Deyirik ki, biz sənə ev almayacağıq, sənin normal həyata düşməyin üçün bunları edə bilməyəcəyik. Çünki sən həbsxanaya düşmüsən. Biz onu həyata qaytarmalıyıq. Təbii ki, dövlət də onları normal həyata qaytarmalıdır və biz bu pulları onlar üçün xərcləməliyik. Biz bu pulları onların həyata qaytarılması üçün xərcləməyib, neyləyəcəyik? O insanlar təkrar həbsxanaya düşəndə, o pulları kim xərcləyir? Əlbəttə ki, dövlət xərcləyir. Onların cəzaçəkmə müəssisəsində yaşamasına o qədər vəsait ayrılır, amma biz o insanı artıq itiririk. Bu çox vacib qanun layihəsidir. Biz həbsxanadan çıxan insanların normal həyata qaytarılması üçün büdcədən lazım olan qədər pul ayırıb bu işləri görməliyik.

Bəzi həmkarlarım deyirlər ki, gəlin, yaşayış sahəsi olmayan şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin edilməsi maddəsini qanun layihəsindən çıxaraq, çünki azadlıqda şəxslərin ev-eşiyi yoxdur. Mən bilmirəm, biz bunlara villa, yoxsa üçotaqlı mənzil verəcəyik? Burada yazılır ki, məişət-mənzil şəraitini yaxşılaşdırmaq. Bu qanun layihəsini oxuyanda görürük ki, bunlar o qədər də çox deyillər.

Burada, 9.1-də yazılır ki, 60 yaşına çatan kişilər, 55 yaşına çatan qadınlar əgər bundan imtina edirlərsə, onları qocalar evinə yerləşdirirlər. Yetkinlik yaşına çatmayanları internata göndərirlər. Əgər insanın həbsə qədər daimi yaşayış sahəsi varsa, məcburi qaydada öz evinə qeydiyyata salırıq. Burada o kateqoriya insanlardan söhbət gedir ki, onların yaşamağa yeri yoxdur. Nə deyirsiniz, belə insanların mənzil-məişət şəraitini yaxşılaşdırmayaq? Onları küçələrdə qoyaq? Küçələrdə qalsalar, onda onlar cəmiyyət üçün daha təhlükəli olacaqlar. Mən hesab edirəm ki, bu maddə burada qalmalıdır. Hesab edirəm ki, bundan sui-istifadə də olmayacaq. Həbsxanadan çıxan adamlar üçün tikilən yataqxanalarda normal adam evi ola-ola gedib yaşamaz. Ona görə, mən xahiş edirəm, o maddəni çıxarmayaq və biz o insanlara diqqətimizi daha çox artıraq.

İkincisi, bu kateqoriya insanlara kimlər aiddir? Qanunda çox yaxşı yazılıb ki, ailə üzvlərinə qarşı cinayət eləmiş şəxsləri ailələrə qəbul eləmirlər. Bu qanun həm də ona görə vacibdir ki, bundan ən çox yararlanan qadınlar olacaqlar. Çünki həbsxanaya düşən qadınların həyat yoldaşları mütləq şəkildə ikinci dəfə ailə həyatı qururlar və o qadınların qayıtmağa yeri olmur. Mənim Hadi müəllimdən də, komissiya üzvlərindən də bir xahişim olacaq. Qanundakı bir bəndə “cəzaçəkmədən azad edilmiş 14 yaşinadək uşağı olan qadınların yaşayış sahəsi olmadıqda onların mənzil-məişət şəraiti ilə təmin edilməsi”nə biz xüsusi diqqət yetirməliyik. Layihə həyata keçirilir ki, uşaqlar internatda olmasınlar. Biz isə deyirik ki, onları internata verək. Biz bu cür ailələri həyata qaytarmalıyıq. Bunu bir az da sərtləşdirməliyik.

Sonra, Hadi müəllim, burada ziddiyyət yaranır, mən istərdim, buna aydınlıq gətirilsin. 6.1.3-cü maddədə yazırıq ki, qanunvericiliklə müəyyən edilmiş qaydada mənzil-məişət şəraiti ilə təmin etmək. Amma 9.2-ci maddədə qeyd edirik ki, qeydiyyata alınmış və yaşayış sahəsi olmayan cəza çəkməkdən azad edilmiş şəxslər adaptasiya müddətindən çox olmamaqla müvəqqəti yaşayış sahəsi ilə təmin edilirlər. Sosial adaptasiya müddətində daimi yaşayış sahəsi ilə təmin olunmamış şəxslərin müvəqqəti yaşayış sahəsində yaşamaq müddəti müstəsna hallarda artırıla bilər. Bu, ziddiyyətdir. Bunu müvafiq icra hakimiyyəti orqanı təmin etməlidir. Əgər o bunu təmin eləmirsə, deməli, bu insan burada yaşamalıdır. Onda biz niyə bura “müstəsna” sözünü əlavə edirik. Sabah bu, problem yaradacaq. Yəni biz evlə təmin olunana qədər bu insanların yaşaması məsələsini həll eləməliyik. Mən bütün həmkarlarımı bu qanun layihəsinə səs verməyə çağırıram.

Sədrlik edən. Çox sağ olun. Jalə Əliyeva.

J. Əliyeva. Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlar! Bu qanun layihəsi ölkədə insan hüquqlarının qorunması, hər bir vətəndaşın özünü tam hüquqlu subyekt hiss etməsi və vətəndaş cəmiyyətinin qurulması sahəsində dövlət tərəfindən həyata keçirilən siyasətdə irəliyə doğru atılan çox əhəmiyyətli bir addımdır. Mən də qanun layihəsinin lehinə səs verəcəyəm. Lakin bununla bərabər bəzi iradlarımı və təkliflərimi bildirmək istəyirəm. Müzakirənin başlanğıcında hörmətli həmkarlarım qanunun adı ilə bağlı fikirlərini bildirdilər və daha sonra Ziyafət müəllim bu məsələyə aydınlıq gətirdi. Lakin mən qanunun adı məsələsinə tamamilə başqa aspektdən toxunmaq istəyirəm.

Layihənin 1.0.2-ci maddəsində penitensiar müəssisələrdən azad edilmiş şəxslər dedikdə, aşağıda göstərilən 3 kateqoriya şəxslər başa düşülür: azadlığın məhdudlaşdırılması növündə cəza çəkməkdən azad edilmiş şəxslər; müəyyən müddətə azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad edilmiş şəxslər; ömürlük azadlıqdan məhrumetmə növündə cəza çəkməkdən azad edilmiş şəxslər. Burada diqqətinizi birinci və ikinci kateqoriya şəxslərə cəlb etmək istəyirəm. Belə ki, sosial adaptasiya, bir qayda olaraq, cəmiyyətdən təcrid olunmuş şəxslərə tətbiq edilməlidir. Azadlığın məhdudlaşdırılması Cinayət Məcəlləsinin 53.1-ci maddəsinə uyğun olaraq məhkumların cəmiyyətdən təcrid olunmadan, lakin nəzarət altında xüsusi müəssisələrdə saxlanılmasını ifadə edirsə və bu zaman əgər məhkum cəmiyyətdən təcrid olunmayıbsa, onda bu, yenidən hansı cəmiyyətə və niyə adaptasiya olunur? Bu bir az anlaşılmazdır.

Üçüncü kateqoriyaya gəlincə, yenə sual verirəm, əgər şəxs ömürlük azadlıqdan məhrum edilibsə, o, cəmiyyətdə necə adaptasiya olunacaq? Yəni bu iki kateqoriya şəxslərə sosial adaptasiya göstərilməsinin məqsədəuyğunluğu sual doğurmaya bilmir. Mən xahiş edərdim ki, bu məsələyə işçi qrupu nəzər yetirsin.

İkinci bir təklifim adaptasiya sahəsindəki prinsiplərlə bağlıdır. Təəssüf ki, burada prinsiplər açıqlanmayıb. Prinsiplər, adətən, qanunun tətbiqində əvəzsiz bir rol oynayır. Həmin prinsiplər tənzim etdiyi ictimai münasibətləri istiqamətləndirir, onların mahiyyətini ifadə edir. Bu baxımdan təklif edərdim ki, qanun layihəsində adı çəkilən hər bir prinsipin məzmunu açıqlansın.

Ən son təklifim isə həyata keçirilən adaptasiya tədbirlərinin səmərəliyinin artırılması ilə bağlıdır. Bu da sosial adaptasiya məsələlərinin həyata keçirilməsi sahəsində əlavə maliyyə vəsaitlərinin cəlb edilməsi, bu sahədə görülən işlərin daha da faydalı ola biləcəyi ilə əlaqədar düşüncələrimdir. Bunun üçün düşünürəm ki, şübhəsiz, adaptasiya mərkəzləri yaradılmalıdır. Əlbəttə ki, belə mərkəzlərin qeydiyyata alınması, onlara lisenziyaların verilməsi və onların fəaliyyəti üzərində nəzarət mütləq müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilməlidir. Bu, vacib və nəzərə alınmalı olan şərtlərdən biridir. Ümumilikdə, bir daha sözümün əvvəlinə qayıdaraq deyirəm ki, qanun layihəsi təqdirəlayiqdir və mən bütün deputat həmkarlarımı bu layihəyə səs verməyə çağırıram. Diqqətinizə görə sağ olun.

Sədrlik edən. Çox sağ olun. Adil müəllim, sualınız var? Buyurun.

A. Əliyev. Çox sağ olun. Cənab Sədr, mənim bir sualım var. 9-cu maddə ətrafında söylənən ziddiyyətli fikirlərə aydınlıq gətirilməsini istərdim. Qanun layihəsini hazırlayan hörmətli yoldaşlar, 9-cu maddə məni də narahat edir. Bu gün heç kim demir ki, Azərbaycan Respublikasında cəza çəkməkdən azad edilmiş şəxslər müvəqqəti yaşamaq üçün mənzillə təmin olunmasınlar. Biz hamımız istərdik ki, onlar mənzillə təmin olunsunlar. Ancaq gəlin, bu gün baxaq, görək həmin insanlar mənzillə təmin oluna biləcəklərmi? Bakı şəhərində 1 otaqlı evdə 12 nəfər ailə üzvü yaşayır. Həmin ailədə bir nəfər xəstə uşağı ilə yaşayır və imkan varsa, ona bir otaq ayrılsın. Mən il yarımdır ki, bu insana müvəqqəti olaraq yaşaması üçün bir otağın ayrılmasına çalışıram, amma hələlik bunun axırına çıxa bilməmişəm. Gəlin, görək, bu gün yataqxanada, yaxud başqa yerdə bu insana mənzil ayıra biləcəklərmi? Mən istərdim, müvəqqəti yaşayış sahəsi ilə bağlı sualıma cavab versinlər, hansı fonddan bu mənzil sahəsi ayrılacaq? Sağ olun.

Sədrlik edən. Əli Hüseynov, buyurun.

Ə. Hüseynov,
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu məsələləri daimi komissiyasının sədri.

Çox sağ olun. Cənab Sədr, hörmətli həmkarlarım! Həqiqətən, bu gün cəmiyyəti narahat edən münasibətlərdən birinin tənzimlənməsi ilə bağlı ciddi bir qanun layihəsi müzakirəyə çıxarılıb. Amma belə bir təsəvvür yaranmamalıdır ki, cəza çəkməkdən azad edilmiş şəxslərə hər hansı formada yardım göstərilməsi, onlara sosial qayğı məsələləri və bu məsələlərə nəzarət indiyə qədər mövcud olmayıb və bizim qanunvericiliyimizlə tənzimlənməyib. Əslində, bizim 2000-ci ildə qəbul etdiyimiz Cəzaların İcrası Məcəlləsi bütövlükdə bu məsələni həll edirdi və bizim qanunvericiliyə və cəzaların icrası praktikasına yeni yanaşmamız bu məcəllədə öz əksini tapdı. İlk dəfə olaraq cəzanın məqsədi məhkumun islahı, onun yeni cinayət törətməsinin qarşısının alınması kimi qoyuldu. Yəni bu gün bizim qanunun humanistliyi göz qabağındadır və bu qanunda əksini tapmış bir sıra məsələlər tam olmasa da, tənzimlənir. Hər halda bunu tənzimləməyə qanun imkan verir. Cənab Prezident tərəfindən Cəzaların İcrası Məcəlləsinin tətbiqi ilə bağlı müvafiq fərmanlar verilmişdi və bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Təhsil Nazirliyi bu işlərlə məşğul olurlar.

Bu qanunun meydana çıxması zərurəti ondandır ki, mən burada həmkarlarımın, o cümlədən Siyavuş müəllimin fikri ilə tam razıyam ki, islah deyəndə, bizim təsəvvürümüzdə yaranan cəzaçəkmə müəssisəsidir. Növbəti mərhələdə əsas iş bu məsələyə cəmiyyətin münasibətindən başlayır. Bu baxımdan, əlbəttə, hesab edirəm ki, dövlətimiz tərəfindən bu sahədə ciddi işlər görülüb. Müsbət bir hal kimi qeyd etmişik. Avropa Şurasının ekspertlərinin məruzələrində Azərbaycan Respublikasının penitensiar sistemində həyata keçirilən islahatlar həmişə müsbət qeyd olunub. Azərbaycan ilk ölkə olub ki, bu sistem Daxili İşlər Nazirliyindən Ədliyyə Nazirliyinin tabeliyinə keçirilib.

Bu dövr ərzində çox böyük işlər görülmüşdür. Hazırda bilirsiniz ki, cənab Prezidentin İnsan hüquqlarına dair milli fəaliyyət planı fərmanla təsdiqlənib və Azərbaycanın bir çox bölgələrində, Naxçıvanda artıq yeni cəzaçəkmə müəssisələrinin tikintisi başa çatdırılır. Lənkəranda, Şəkidə yeni müəssisələr tikilir. Bu sahədə, həqiqətən də, mühüm işlər görülür. Ona görə həmkarımın burada səsləndirdiyi bir fikrə də diqqət yetirmək istərdim. Əlbəttə, problemsiz deyil. Baxmayaraq ki, onların şəraiti müvafiq standartlara cavab verməyə başlayır, amma islahın çox mühüm hissəsi, növü olan əmək fəaliyyətindən kifayət qədər istifadə olunmur. Bu gün bir çox məhkumlar əməyə cəlb oluna bilmirlər. Bunun da ayrı-ayrı səbəbləri var. Bazar iqtisadiyyatıdır, ola bilsin ki, dövlət sifarişləri yoxdur və sair. Amma bu çox düzgün qoyulmuş məsələdir və bunun üzərində də düşünmək lazımdır.

Əlbəttə, statistik göstəricilər o qədər də ürəkaçan deyil. Onlardan birini səsləndirim. Cəzalardan şərti azad olunmuş şəxslərdən təxminən 10 faizi yenidən cinayət törədib, cəzaçəkmə müəssisələrinə qayıdır. Misal üçün, 2006-cı ilin rəsmi statistikası belədir: şərti azad olunmuş 1509 nəfərdən 61-i təkrar cinayət törətdiyinə görə cəzaçəkmə müəssisəsinə qayıdıb. Özü də şərti azadolma nədir? O, cəzaçəkmə müəssisəsində müsbət xarakterizə olunub, islah yoluna qədəm qoyub, müəssisə də təqdimatla çıxış edib. Məhkəmə qərar verib ki, o, cəzadan şərti azad olunsun. İslah olunmuş bir şəxsdir, amma cəmiyyətə qayıdır, yenidən cinayət törədir. Təkrar edirəm, 10 faiz yaxşı göstərici deyil. Burada artıq dediyiniz problem ortaya çıxır. Deməli, onların sosial adaptasiyasına ehtiyac var.

Bunu nə cür həyata keçirmək lazımdır, bu, başqa məsələdir. Qaldırılan məsələləri, hesab edirəm ki, 3 komissiya bir daha ciddi öyrənməlidir. İki məsələni xüsusi ilə qeyd etdilər. Birincisi, soruşuldu ki, nə dərəcədə maliyyə dəstəyi var. Hesab edirəm ki, maliyyə ekspertizasına ehtiyac var. İkincisi, müəyyən iradlarla razıyam, ehtiyac var ki, Cəzaların İcrası Məcəlləsi ilə bu qanunun uyğunlaşdırılmasını həyata keçirək, müəyyən təkrarçılıqları aradan qaldıraq. İdeya kimi, hesab edirəm ki, bu lazımdır və millət vəkillərini bu qanuna səs verməyə çağırıram. Çox sağ olun.

Sədrlik edən. Komissiya sədri Rəbiyyət Aslanovaya söz verilir.

R. Aslanova, Milli Məclisin İnsan hüquqları daimi komissiyasının sədri.

Çox sağ olun. Hörmətli Sədr, hörmətli millət vəkilləri! Bu gün, doğrudan da, gözəl bir niyyəti, gözəl məqsədi özündə əks etdirən qanun layihəsini müzakirə edirik. Hər birimizi narahat eləyən, hər birimiz üçün vacib olan bir sənəddir və hesab edirəm ki, layihədə olan müddəalara çox ciddi münasibət bəsləməliyik. Yəni burada bəlkə də gəlişi gözəl sözlərlə, gözəl arzularla çıxış etmək olar, amma bu qanun layihəsi necə gerçəkləşəcək, bu, insanların taleyində necə rol oynayacaq və sabaha ünvanlanmış bu qanun layihəsinin işlək mexanizmi olacaqmı?

Mən qanun layihəsinin komissiyalarda müzakirəsində çıxış etmişəm və öz irad və təkliflərimi bildirmişəm. Bu gün vaxtın azlığını nəzərə alaraq bir məsələni demək istərdim. 1977-ci ildə Strasburqda penitensiar sistemin direktorlarının III konfransı keçirildi. Bu konfransda məqsəd nə idi? Konfransda məhz bu insanların cəzaçəkmə yerlərindən azad olduqdan sonrakı taleyinin ümumi problemlərini müzakirə edirdilər. Lakin problem o deyildi ki, onlar həbsxanadan azad olunduqdan sonra sosial adaptasiya necə gedəcək? Məsələni başqa cür qoymuşdular. Məsələni belə qoymuşdular ki, adaptasiya məsələsi onlar artıq həbsxanaya daxil olduğu gündən başlamalıdır. Məsələn, bu qanunun 7.4-cü maddəsində verilən ”sosial adaptasiya müddəti şəxsin cəzaçəkmədən azad edildiyi gündən hesablanır” ifadəsi həmin konfransın qəbul etdiyi minimal standartlarla qətiyyən uyğun gəlmir. Bəli, insanın həbsxanaya düşdüyü gündən, onun dünyaya, insanlara münasibəti dəyişdiyi andan artıq sosial adaptasiya prosesi başlanmalıdır, onunla iş getməlidir.

Mən həbsxanalardakı vəziyyətlə əlaqədar olaraq Ədliyyə Nazirliyinin müvafiq strukturuna müraciət etdim və oradakı vəziyyətlə maraqlandım. Bu insanların həbsdən azad olunmasına yalnız 3 ay qalmış onlarla iş aparmağa başlayırlar. Halbuki beynəlxalq təcrübədə tamamilə başqa cürdür. Məsələn, Kanadada belə bir qayda var: şəxs azad olmamışdan bir il qabaq ona penitensiar məzuniyyət verilir. O gedir, özü üçün yer, iş tapır və qayıdıb gəlir. Yəni insana inam hissi var və hər bir şeyi cəmiyyətin boynuna qoymurlar. Bunun özünün də məsuliyyət hissi olmalıdır.

Bizdə isə qəribə bir vəziyyət yaranır. Biz gözləyirik ki, həbsxananın qapıları açılsın, biz onu qəbul edək və sonra onun bütün problemlərini həll edək. Söhbət bundadır ki, cəmiyyət də var. Cəmiyyət bu insanları qəbul etməyə hazırdırmı, hazır deyilmi? Həbsxanadan çıxmış insanların üzərində olan damğa cəmiyyətin onları rahat qəbul etməsinə çox mənfi təsir göstərir, onları qəbul etmək istəmirlər.

Burada başqa bir məqam da var. Onların işlə təmin edilməsi ilə əlaqədar deyirik ki, özəl sektora rəhbərlik edən şəxslər bu insanları işlə təmin etsinlər. Bizim nə haqqımız var, bu, insan hüquqlarının pozulmasıdır. Özəl sektorun və yaxud hər hansı başqa bir müəssisənin rəhbərinə nə haqla deyə bilərik ki, bu insanı işlə təmin elə, yaxud eləmə? Söhbət ondan gedir ki, cəmiyyətdə olan stereotiplər, həbsxanada olan insanlara münasibət dəyişməlidir. Həmin o damğa onun üzərindən götürülməlidir. Cəmiyyətdə əgər bu şəfqət, bu mərhəmət olmayacaqsa, inandırım sizi, bu yazılanlar adi bir kağıza çevriləcək.

Yaxud onların mənzil-məişət məsələsi. Siyavuş müəllim çox gözəl dedi ki, bu gün uşaq evlərindən azad olmuş gənclər var. Elə yeri gəlmişkən, mən uşaq evlərindən azad olan qızların taleyi ilə bağlı narahatlığımı burada səsləndirmək istəyirəm. Gəlin, 17-18 yaşına çatmış qızların taleyinə biganəlik göstərməyək, onların gələcək taleyi ilə əlaqədar olaraq bir sənəd hazırlayaq. Bu insanların bir yerə toplanması məsələsinə gəldikdə isə mən bu fikri demişəm, bir də deyirəm: o insanların bir yerdə sosial adaptasiyasını qəbul etmirəm. Mən hesab edirəm ki, cəmiyyət onu əksinə etməlidir. Həbsxanadan çıxmış insanlar ayrı-ayrı yerlərdə yerləşdirilməlidirlər. Ümumiyyətlə, qanun vacib qanundur. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Mən hesab edirəm ki, qanun layihəsi birinci oxunuş üçün konseptual cəhətdən məqbuldur. Əgər ehtiyac varsa, sualları cavablandıraq.

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Buyurun, Valeh müəllim.

V. Ələsgərov. Mən üzr istəyirəm, belə bir qanunun zəruriliyinə şübhə ola bilməz. Bunu mütləq qəbul eləməliyik və edəcəyik, mən buna inanıram.

Mənim bircə xahişim var. Hüquqşünaslardan və dilçilərdən xahiş edirəm, bir savab iş görün. Azərbaycan Respublikasının qanunvericiliyindən söhbət gedir. Penitensiar, sosial adaptasiya və sair. Xahiş edirəm, I, II və III günlər dəftər-kitabla gəlin, mənə bunları izah edin, sonra mən bu qanunu dəstəkləyib, ura deyib, irəli getməyə hazıram. Xahiş edirəm, gəlin, yoxsa mən çıxış edəcəyəm, özü də xoşagəlməyən çıxış. Sağ olun.

Sədrlik edən. Çox sağ olun. Buyurun, Aqil müəllim.

A. Abbasov. Oqtay müəllim, Azərbaycanda cəmi 2 həbsxana var, qalanları “islah-əmək koloniyaları” adlanır. Bilirik ki, bizim sevmədiyimiz sovet dövründə həmin islah-əmək müəssisələrində dediyimiz sosial adaptasiya məsələsi necə həyata keçirilirdi. Valeh müəllim gözəl dedi, tərcümə etmək çətindir. Mən Ağdam rayonundanam. Orada 3 dənə islah-əmək müəssisəsi vardı. Onlar işləyirdilər və həbsxanadan çıxan adam elə olurdu ki, evinə 10 min manat pul aparırdı. Üzr istəyirəm, mənə həbsxanadan bir şahmat göndərmişdilər. Oğlum Türkiyədə oxuyurdu, mən onu aparıb orada bir generala bağışladım. O dedi ki, bunu necə yaradıblar? Dedim ki, bu, həbsxanada hazırlanıb. İnanmadı ki, həbsxanada belə bir şey düzəldə bilərlər. Yəni Azərbaycanda həbsxanalarda, islah-əmək müəssisələrində gözəl müəssisələr var idi, onlar əmək haqqı alırdılar. Sosial adaptasiyanı islah-əmək müəssisələrində keçirdilər.

İkinci, Azərbaycanda xüsusi komendatura var idi və orada da həmin insanlara yaşayış şəraiti yaradırdılar. Yəni həbsxanadan çıxmazdan bir-iki il əvvəl onun törətdiyi cinayətə baxırdılar və onu həmin komendaturaya göndərirdilər. O, həmin komendaturada yaşayırdı, gecə də evinə gedirdi. Yəni belə bir şərait yaradılmışdı. Bunu gücləndirsək və həmin islah-əmək müəssisələrindəki əmək fəaliyyətini bərpa edə bilsək, çox yaxşı olar. 6-cı kolon mebel buraxırdı, 2-ci kolon nə isə buraxırdı. O vaxtlar bu müəssisələrdə mebeldən tutmuş müxtəlif əşyalar istehsal olunurdu. Hamısında insanlar məşğul idi, işləyirdilər. İndi heç bir iş yoxdur, oturub gözləyirlər ki, nə vaxt həbsxanadan çıxacaqlar. Həbsxanalardakı həmin vəziyyəti yenidən bərpa edə, müəssisələri işlədə bilsək, Oqtay müəllim, inanın ki, bunun həmin adamlara çox xeyri ola bilər.

Sizin bir sözünüzə qüvvət verim. Bizdə AŞPA ilə bağlı çox danışırlar. Burada əfv komissiyasının üzvləri var. 4 adamı öldürənləri əfv siyahısına salırlar, əfv edirlər. Bizim əfv komissiyasının üzvləri niyə sənədi aparıb Avropanın qabağına qoymurlar ki, bu, siyasi məhbus deyil? Məni yandıran cəhətin biri budur. AŞPA bizim üçün Kreml deyil, AŞPA bizim üçün Allah deyil, Allahın da bacısı oğlu deyil. Mən bunları əfv məsələsi ilə bağlı deyirəm. Əfv komissiyasının üzvlərindən çox xahiş edirəm, bir az ehtiyatlı, bir az diqqətli olsunlar. Orada adam var ki, onu həbsxanadan azad etmək olmaz. Şəxsən mənim bir qohumum gedib, mən onu öldürərəm. Olmaz belə şeylər. Buradakı deputat qardaş və bacılarımız əfv məsələsində ciddi olsunlar. Üzr istəyirəm, bir az çox danışdım.

Sədrlik edən. Çox sağ olun. Xahiş edirəm, qanun layihəsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri  
 (saat 17.25 dəq.)

Lehinə    100
Əleyhinə    0
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    101
Nəticə: qəbul edildi

Qəbul olundu, sağ olun.

Gündəliyin üçüncü məsələsi Dövlət borcu haqqında Azərbaycan Respublikası qanununun layihəsi barədədir. Qanun layihəsinin ikinci oxunuşudur. Ziyad Səmədzadə, buyurun.

Z. Səmədzadə, Milli Məclisin İqtisadi siyasət daimi komissiyasının sədri.

Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Məlum olduğu kimi, ikinci oxunuşda sizin müzakirənizə çıxarılan qanun layihəsi Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qanunvericilik təşəbbüsü qaydasında təqdim edilmişdir. Qanun layihəsinin birinci oxunuşu geniş müzakirə olunmuş, 15 nəfər millət vəkili, Milli Məclisin iclasına dəvət olunmuş müvafiq hökumət strukturlarının nümayəndələri çıxış etmiş, ümumilikdə, 40-a yaxın müxtəlif xarakterli təkliflər verilmişdir. Eyni zamanda, Hesablama Palatasından və Maliyyə Nazirliyindən də təkliflər daxil olmuşdur.

Hörmətli həmkarlar, birinci oxunuşda hörmətli millət vəkilləri tərəfindən verilmiş təklifləri öyrənmək və layihəni ikinci oxunuşa hazırlamaq üçün daimi komissiya tərəfindən Milli Məclis Aparatının əməkdaşlarının, müvafiq dövlət orqanlarının nümayəndələrinin və mütəxəssislərinin daxil olduğu işçi qrup yaradılmışdır. Milli Məclisdə müzakirə zamanı söylənilən və komissiyaya daxil olan digər irad və təkliflər işçi qrupunda nəzərdən keçirilmiş, qruplaşdırılmış, məqbul hesab edilənlər nəzərə alınaraq qanun layihəsinə əlavə və dəyişikliklər edilmişdir.

Qeyd etməliyəm ki, edilən təklif və iradların bir çoxu redaktə xarakterlidir. Deputatların bir qrup təklifi sənədin strukturuna dəyişikliklərlə bağlı olmuşdur. Üçüncü qrup təkliflər sənədin mətninə yeni müddəaların daxil edilməsi, digərlərinin çıxarılmasını nəzərdə tutur.

İkinci oxunuşun tələblərinə uyğun olaraq sənəd üzərində aparılan işlər barədə fikirlərimi nəzərinizə çatdırmaq istərdim. Qanun layihəsinin adı ilə bağlı millət vəkillərinin təklifləri olmuşdur. Sənədin mətnində dövlət borcları ilə yanaşı, qeyri-dövlət borcalmalarından da söhbət getdiyindən qanunun adı haqlı olaraq müəyyən sual doğururdu. Nəzərə aldıq ki, 22, 23 və 24-cü maddələr qeyri-dövlət xarici borcalmaları ilə bağlı hesabat və statistika xarakterli məsələləri əhatə edirdi və əslində, elə bir hüquqi tənzimləmə yükü daşımırdı. Komissiya və işçi qrup bu maddələrin 18-ci maddədə birləşdirilməsini və “qeyri-dövlət xarici borcalmaları” anlayışını “dövlət öhdəliyi yaratmayan xarici borcalmalar” məfhumu kimi verməyi məqsədəmüvafiq hesab etmişdir. Beləliklə, qanun, əsasən, dövlət borcları və öhdəlikləri ilə bağlı münasibətləri tənzimlədiyindən sənədin adının “Dövlət borcu haqqında” saxlanılması fikri üstünlük təşkil etmiş və təqdim edildiyi redaksiyada saxlanılmışdır.

Digər bir təklif müəyyən terminlərin, o cümlədən “qarantiya” anlayışının “zəmanət” sözü şəklində verilməsi ilə bağlı idi. Bu təklif sənədin mətnində nəzərə alınmışdır. Qanun layihəsində çoxsaylı redaktə xarakterli düzəlişlər edilmişdir.

Millət vəkillərinin sənədin strukturu ilə bağlı təkliflərini də nəzərə almışıq. Belə ki, qanun layihəsi birinci oxunuşda olduğu kimi, bütövlükdə 28 deyil, 21 maddədən ibarətdir. Bəzi maddələrin mətni bir-biri ilə əlaqəli olduğundan və biri o birisini tamamladığından biz onları birləşdirib bir maddədə vermişik.

Qanun layihəsinin birinci oxunuşa təqdim olunmuş variantındakı daxili dövlət borcalmalarına dair 9-cu və 10-cu maddələr birləşdirilərək “Daxili dövlət borcalmaları” adı ilə verilmişdir.

Belə bir struktur dəyişikliyi xarici dövlət borcalmaları maddələrində də edilmişdir. Burada da 11-ci və 12-ci maddələr 10-cu maddədə birləşdirilərək “Xarici dövlət borcalmaları” şəklində verilmişdir.

“Dövlət zəmanətinin verilməsi üçün haqq” adlı 16-cı və “Təminat hesabı” adlı 17-ci maddə birləşdirilərək mətnlərində heç bir dəyişiklik edilmədən “Dövlət zəmanəti ilə alınan borcların təminat hesabı” adlandırılmaqla 14-cü maddədə verilmişdir.

Yuxarıda qeyd etdiyim kimi, qeyri-dövlət xarici borcalmaları ilə bağlı 22, 23 və 24-cü maddələrin müddəaları, əsasən, saxlanılmaqla ayrı-ayrı bəndlərlə 18-ci maddədə verilmişdir.

Birinci oxunuş zamanı təqdim olunmuş layihədə dövlət zəmanətinə dair 14, 15, 16, 17, 18, 19 və 20-ci maddələrin sıralanmasında bir o qədər də məntiqi ardıcıllıq olmadığından maddələrin yazılışında yerdəyişmə aparılmış və sizə təqdim olunan variantdakı ardıcıllıqla verilmişdir.

Birinci oxunuş zamanı təqdim olunmuş variantın “Keçid müddəaları” adlanan 27-ci maddəsindəki 2-ci bənd “Qanunun qüvvəyə minməsi” adlanan sonuncu maddəyə 2-ci bənd kimi keçirilmişdir.

Hörmətli deputatlar, ikinci oxunuşda müzakirəsinə başladığımız qanun layihəsində toxunacağım 3-cü qrup məsələ qanun layihəsinə edilən əlavələr və sənədin mətnindən çıxarılan müddəalarla bağlıdır. Qanunvericilik bazası maddəsi olan 2-ci maddəyə “Büdcə sistemi haqqında” Qanunun adı əlavə olunub. Birinci oxunuş zamanı verilən təkliflərə əsasən ”Dövlət borcunun idarə olunması” adlanan 5-ci maddəyə “Azərbaycan Respublikasının dövlət borcalmaları strategiyasını hazırlayır və təsdiq olunmaq üçün müvafiq icra hakimiyyəti orqanına təqdim edir” və “dövlət borcu və dövlət zəmanəti ilə bağlı proseslərin qanunvericiliklə müəyyən edilmiş qaydada şəffaflığını təmin edir” müddəaları əlavə olunmuşdur.

Deputatların və Hesablama Palatasının təklifləri nəzərə alınaraq “Dövlət borcundan və ya dövlət zəmanəti ilə alınmış borcdan istifadəyə nəzarət” maddəsində yeni müddəalar nəzərdə tutulur. Bunlar “Azərbaycan Respublikasının Hesablama Palatası və digər müvafiq icra hakimiyyəti orqanları dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə nəzarəti həyata keçirirlər” və “qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət borcalmaları və ya dövlət zəmanəti ilə alınmış vəsaitlərdən istifadəyə ictimai nəzarət həyata keçirilə bilər” bəndləridir.

Verilən təkliflərdə dövlət zəmanəti ilə borc almaq üçün müraciət edən əsas borcalanın bu məqsədlə təqdim etməli olduğu sənədlər sırasında əmlakın girovu və ipoteka müqavilələri barədə məlumatın da əlavə olunması göstərilmişdir. Bu təklif nəzərə alınıb və yeni variantda 11.1.11-ci maddə kimi verilib. “Qanunun qüvvəyə minməsi” adlı 21-ci maddəyə 3-cü bənd əlavə edilib: bu qanun qüvvəyə mindiyi gündən “Dövlət borcu

haqqında” Azərbaycan Respublikasının Qanunu (29 dekabr 1992-ci il tarixli, 42 saylı) qüvvədən düşmüş hesab edilir.

Hörmətli millət vəkilləri, daimi komissiya və sənədi ikinci oxunuşa hazırlayan işçi qrup qanun layihəsinin birinci oxunuş üçün təqdim edilmiş variantının ekspertizasını keçirən zaman bəzi müddəaların və anlayışların qanunun predmetinə uyğunsuzluğunu, digərlərinin hüquqi yük daşımadığını müəyyən etmiş və onların layihənin mətnindən çıxarılmasını məqsədəmüvafiq bilmişdir. Anlayışlar maddəsində “təminat hesabı” və “qapalı yığım hesabı” terminləri qanunun müvafiq maddələrində öz əksini tapdığından bu maddənin mətnindən çıxarılmışdır. Qanun layihəsinin birinci oxunuşdakı variantındakı 10.2-ci bənd qiymətli kağızlar barədə qanunvericiliyin, 12.3-cü bənd beynəlxalq müqavilələrin bağlanması qanunvericiliyinin, 13-cü maddə bütövlükdə investisiyalara dair qanunvericiliyin, 25-ci maddə vergi qanunvericiliyinin, 26.3-cü bənd mülki qanunvericiliyin predmeti olduğundan ikinci oxunuş üçün sizə təqdim olunan variantda nəzərə alınmamış, layihənin mətnindən çıxarılmışdır.

Qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı batmış hesab edilən əmanətlərə dair məqamların müəyyən bir müddəa ilə qanun layihəsinin mətnində nəzərə alınması təklifi öz əksini gələcəkdə əmanətlərlə bağlı qəbul ediləcək qanunvericilik aktında tapmalıdır. Hörmətli millət vəkilləri, daimi komissiya birinci oxunuş zamanı tutulan iradları və verilən təklifləri, əsasən, nəzərə almış, qanun layihəsi maksimum təkmilləşdirilmişdir. Bu iş bu gün də davam etdirilir. Hazırda millət vəkillərinin verdiyi təkliflərlə əlaqədar olaraq Maliyyə Nazirliyi, Milli Bank, Hesablama Palatası ilə müzakirələr aparılır. Belə ki, komissiyanın 5 aprel tarixli iclasından sonra komissiya üzvlərinin təkliflərinə əsasən müddəalarda təkrarçılıq olmasın deyə, 8-ci maddənin 1-ci və 2-ci bəndləri birləşdirilərək daha yığcam və dəqiq şəkildə veriləcəkdir. Bu maddənin 4-cü bəndində Hesablama Palatasının nəzarət funksiyası ayrıca cümlə ilə göstəriləcəkdir.

Layihə ilə bağlı nəzərinizə çatdırmalı olduğum fikirlərimi, mülahizələrimi yekunlaşdırır, birinci oxunuş zamanı təklif və iradlarını bildirmiş millət vəkilləri hörmətli Ziyafət Əsgərova, Valeh Ələsgərova, Sabir Rüstəmxanlıya, Əli Məsimliyə, Vahid Əhmədova, Arzu Səmədova, Aydın Mirzəzadəyə, Qənirə Paşayevaya, Əli Əhmədova, İltizam Əkbərliyə, Azər Əmiraslanova, Pənah Hüseynə, Cavid Qurbanova, Xanhüseyn Kazımlıya və Maliyyə Nazirliyinin, Milli Bankın rəhbər strukturlarının nümayəndələrinə təşəkkürümüzü bildiririk. Mən məlumat vermək istəyirəm ki, bu, həqiqətən, Azərbaycan iqtisadiyyatı üçün çox böyük əhəmiyyət kəsb edən bir qanundur. Mən Azərbaycanın xarici borcu, onun ümumi daxili məhsula nisbəti, hal-hazırda borcla əlaqədar olaraq Azərbaycan dövlətinin götürdüyü öhdəliklər barədə danışıb sizin vaxtınızı almaq istəmirəm. Bunlar barədə mən birinci oxunuş zamanı məlumat vermişdim. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri, xahiş edərdim, bu qanunun ikinci oxunuşda qəbul edilməsinə müsbət münasibət bildirəsiniz. Sağ olun.

Sədrlik edən. Çox sağ olun, Ziyad müəllim. Hörmətli millət vəkilləri, ikinci oxunuş olduğu üçün qanun layihəsini əsas kimi qəbul etməliyik. Xahiş edirəm, qanun layihəsinin ikinci oxunuşda əsas kimi qəbul edilməsinə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri 
   (saat 17.36 dəq.)
Lehinə    90
Əleyhinə    0
Bitərəf    0
Səs vermədi    0
İştirak edir    90
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. Çıxışların 5 dəqiqə olmasına etiraz yoxdur ki?

Yerdən. (Eşidilmir.)

Sədrlik edən. Aydındır. Fazil Mustafayev.

F. Mustafayev
. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Dövlət borcu haqqında Azərbaycan Respublikası qanunu layihəsinin 6-cı maddəsində qeyd olunur ki, müvafiq il üçün “Dövlət büdcəsi haqqında” Qanunda büdcə ili ərzində cəlb edilə bilən daxili və xarici dövlət borcunun yuxarı hədləri müəyyənləşdirilməlidir. Eyni zamanda, əvvəlki illərdə alınmış və cari büdcə ilində qaytarılacaq daxili və xarici dövlət borcunun yuxarı hədləri də müəyyənləşdirilir. Mən bu mövqeyimi bir neçə dəfə təkrar etmişəm, o zaman biz dövlət büdcəsindən əvvəl mütləq Dövlət borcu haqqında qanunu qəbul etməliyik ki, bu məsələ büdcədə öz əksini tapsın və çətinliklər ortadan qalxsın. Bununla yanaşı, hörmətli Ziyad müəllim qeyd etdi, əmanətlərin qaytarılması ilə bağlı qanunun qəbul edilməsini həyata keçirməliyik.

Bildiyiniz kimi, Litvada bu istiqamətdə addım atıldı. Keçmiş sovet məkanında da bir çox ölkələrdə bu istiqamətdə bir sıra addımların atılması gözlənilir. Biz də bu addımı atmalıyıq. Çünki burada əmanətlərin qaytarılması ilə bağlı müvafiq qanun qəbul edildiyi zaman əhaliyə qaytarılmalı olan vəsait dövlət borcu kateqoriyasına daxil olacaq və nəticədə daxili dövlət borclarının hesabına ümumi dövlət borclarının həcmi kəskin şəkildə artacaqdır. Eyni zamanda, dövlət borclarının ümumi daxili məhsulun həcminə nisbəti də artmış olacaqdır. Amma buna baxmayaraq, 50 milyon manat həcmində vəsait ayrılırsa və bu vəsait başqa təyinat üzrə xərclənmirsə, inflyasiyaya ciddi təsir göstərmirsə, bu vəsait əmanətlərin qaytarılmasına yönəlsə, həm əhali razı qalar, həm də bu məsələ sui-istifadə mövzusu olmaqdan çıxar.

Mən bir məsələyə də diqqət çəkmək istəyirəm. Xaricdən borc alınması, əslində, zərərli bir addım deyil, bu, milli iqtisadiyyatın inkişafı üçün zəruri olan infrastruktur investisiyalarının həyata keçirilməsi, ölkə içində kredit bolluğu yaradılması baxımından müsbət hal kimi qiymətləndirilməlidir. Azərbaycanın bu sahədə, məncə, ciddi narazılıq ifadə ediləcək bir vəziyyəti yoxdur. Söhbət alınan borclardan səmərəli istifadə olunmasından və onlar üzərində nəzarət mexanizmindən gedir. 8.5-ci maddədə nəzərdə tutulan müddəa − ictimai nəzarətin həyata keçirilməsi olduqca vacib bir məsələ kimi qiymətləndirilməlidir.

Burada bir neçə maddə ilə bağlı mənim iradım var. 11.3-cü maddədə göstərilir ki, dövlət zəmanətinin verilməsi haqqında sorğuya baxan müvafiq icra hakimiyyəti orqanı əsas borcalandan verilmiş sənədlərə dair izahat və əlavə məlumat tələb edə bilər. Bir neçə orqan eyni sənədləri tələb edir. Mənə elə gəlir ki, 11.3-cü maddə çıxarılmalıdır. Çünki 12.2-ci maddədə də təqribən sənədlərin tələb olunması başqa bir qurumun funksiyasına aiddir. Ona görə də bu qədər ciddi sənədlər tələb edilməsi məsələsi qoyula bilməz.

İkinci tərəfdən, hesab edirəm ki, 15.2-ci maddə xüsusi narahatçılıq doğurur. Bildiyiniz kimi, zəmanətçi dövlətdir. Əgər borcalan aldığı borcu ödəyə bilmirsə, onu ödəyən dövlət müqavilədə nəzərdə tutulan həcmdə və qaydada onun ödənilməsini həmin borcalandan tələb edə bilər. Bu həm də tələb etməyə bilər anlamına gəlir. Bu, açıq-aşkar korrupsiyaya yol açan bir amildir. Yəni kiminsə ödəyə bilmədiyi şərtlər altında dövlət onun əvəzinə ödəyir və ondan bunu tələb etməyə də bilər anlayışı ortaya çıxır. Hesab edirəm ki, burada tələb edilməlidir. Yəni burada imperativ bir normanın əks olunması olduqca vacibdir.

Bir də, burada “Dövlət öhdəliyi yaratmayan xarici borcalmalar” adlı 18.5-ci maddədə yazılır ki, məlumatlar açıqdır, internet şəbəkəsi vasitəsi ilə bunun şəffaflığı təmin edilir. O, yalnız buna aid olmamalıdır. Burada dövlət zəmanəti ilə həyata keçirilən daxili və xarici borcalmalar barədə məlumatlardan isə söhbət belə getmir. Hər bir vətəndaşa çatdırılmalıdır ki, dövlət zəmanəti ilə kimlər borc alıb. Həmin siyahı statistik siyahılara daxil olmalıdır. Əhalidə məlumat olmalıdır ki, hansı şirkət, hansı müəssisə, hansı fiziki şəxs dövlətin zəmanəti ilə borc alıb. İndiyə qədər o qədər belə neqativ hallar baş verib ki, bunu qarşısını almaq üçün, məncə, bu addımı atmaq vacibdir. Mən hesab edirəm ki, bu, olduqca zəruri bir qanundur. Biz cari ilin büdcəsinin qəbul olunması ərəfəsində bu qanunla yanaşı, əmanətlərin qaytarılması məsələsinə də baxsaq, hesab edirəm ki, daha məqsədəuyğun olar. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Rafael Cəbrayılov.

R. Cəbrayılov. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Əvvəlcə onu qeyd edim ki, bu, dövlət borcalmaları zamanı meydana çıxan münasibətlərin tənzimlənməsi, respublikada sosial-iqtisadi layihələrə pul vəsaitlərinin cəlb edilməsi istiqamətində çox mühüm bir qanun layihəsidir. Qabaqcadan da deyim ki, mən bu qanun layihəsinin qəbul edilməsinə səs verəcəyəm və həmkarlarımı da analoji addım atmağa dəvət edirəm.

Mənim hüquqi xarakterli 2 təklifim var. Onun biri barəsində hörmətli həmkarım Fazil müəllim çox düzgün qeyd elədi. Söhbət 15-ci maddədən gedir. Burada dövlət zəmanəti ilə alınan borcalmalar zamanı meydana çıxan münasibətlər öz əksini tapıb. Dövlət zəmanəti ilə alınan borcalmalarda əsas borcalan öz borcunu ödəyə bilmirsə, bu, dövlət büdcəsinin ehtiyat fondu hesabına ödənilir.

15.2-ci maddədə isə yazılıb ki, bu zaman dövlət, yəni zəmanətçi həmin vəsaiti tələb edə bilər. Mən hesab edirəm ki, əgər söhbət dövlət vəsaitinin xərclənməsindən, yəni əsas borcalanın borcunun dövlət vəsaiti hesabına ödənilməsindən gedirsə, dövlətin vəsaiti hökmən geri tələb olunmalıdır. Burada “oluna bilər” ifadəsi ya “olunmalıdır”, ya da “olunur” sözləri ilə əvəz olunsa, hesab edirəm ki, düz olar.

Mənim ikinci təklifim qanunun 21-ci maddəsi ilə bağlıdır. Burada yazılır ki, bu qanun dərc edildiyi gündən qüvvəyə minir. Maddənin 2-ci bəndində isə belə yazılır: “Bu qanun qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilən dövlət borcalmalarına və verilən dövlət zəmanətlərinə şamil olunur”. Bu o deməkdir ki, bu qanun geriyə şamil olunmur. Bu, qəbul olunan gündən sonrakı borcalmalara və dövlət zəmanətlərinə şamil olunur.

3-cü bəndə baxaq. Burada da yazılır ki, bu qanun qüvvəyə mindiyi gündən “Dövlət borcu haqqında” Qanun ləğv olunur. Bəs belə olan halda indiyə qədər alınan dövlət borcları ilə əlaqədar meydana çıxan münasibətləri hansı qanun tənzimləyəcək? Onda köhnə borclarla bağlı nizamlanmayan bir sahə əmələ gəlir. Ona görə də mən hesab edirəm ki, 21-ci maddə yeni redaksiyada verilməlidir və keçmiş borcları da bu qanun tənzimləməlidir. Düzdür, keçmiş borclara əlavə sənədlər, zəmanətlər alınmasından söhbət getmir. Amma sırf dövlət borclarının idarə olunması, dövlət borclarına xidmət kimi mühüm məsələlər tənzimlənməlidir. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Sizdən qabaq bu məsələni Ziyafət müəllim qaldırırdı və biz də dedik ki, onu sonra dəqiqləşdirəcəklər. Eldar Quliyev.

E. Quliyev. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! “Dövlət borcu haqqında” Azərbaycan Respublikasının Qanunu 1992-ci ildə qəbul edilmişdir. Keçən dövr ərzində ölkəmizin iqtisadi qüdrəti möhkəmlənmiş, dünyanın aparıcı ölkələri və şirkətləri ilə əsrin müqaviləsi kimi geniş bir müqavilə bağlanmışdır. Eyni zamanda, iqtisadiyyatın digər sahələri ilə bağlı da çoxsaylı müqavilələr imzalanmışdır. Donor ölkələr və beynəlxalq təşkilatlar respublikamızın yüksək iqtisadi potensialını nəzərə alaraq ölkəmizlə daha sıx əlaqələr qurmağa çalışırlar. Sahibkarlığın inkişafı, yerli sahibkarın ölkə iqtisadiyyatına investisiya qoyması imkanlarının genişlənməsi və dövlət zəmanətlərinin verilməsi dövlət borcunun idarə olunmasında yeni hüquqi və iqtisadi münasibətlərin meydana çıxmasına səbəb olmuşdur. Bu münasibətlərin hərtərəfli əhatə olunması və beynəlxalq təşkilatların tələblərinin təmin edilməsi, qloballaşma prosesində Azərbaycan Respublikasının dünya iqtisadiyyatında artan nüfuzunun qorunub saxlanılması üçün Dövlət borcu haqqında yeni qanunun qəbul edilməsinə ehtiyac yaranmışdır. Hesab edirəm ki, ikinci oxunuşda müzakirəyə təqdim olunan bu qanun layihəsi dövlət borcu haqqında müvafiq qanunvericilikdə olan boşluqları aradan qaldıracaqdır.

Qanun layihəsi üçüncü oxunuşa hazırlanarkən aşağıdakı məsələlərə diqqət yetirilməsini məqsədəuyğun hesab edirəm. Layihənin giriş hissəsində “keçirilməsi və dövlət zəmanətlərinin verilməsi” sözlərinin “keçirilməsini və dövlət zəmanətlərinin verilməsi” sözləri ilə əvəzlənməsini məqsədəuyğun hesab edirəm. 1-ci maddədə işlədilən “strukturlaşdırma” sözünün daha anlayışlı verilməsi məqsədəuyğun olardı. 2-ci maddənin adı qanunun adına uyğunlaşdırılaraq “dövlət borcu haqqında Azərbaycan Respublikasının qanunvericiliyi” kimi yazılsın. 2.1-ci maddədə düzəlişlər aparılsa, qanunvericilik baxımından daha düzgün olardı.

8.1 və 8.2-ci maddələr həm bir-birini təkrar edir, həm də 8.2-ci maddə anlaşılmır. Xüsusi ilə də cümlənin sonu “təqdimedilmə qaydası maliyyə orqanları tərəfindən müəyyənləşdirilən digər məlumatı maliyyə orqanına təqdim edirlər” aydın yazılmayıb. Ona görə də bu maddələri birləşdirmək daha düzgün olardı. Eyni zamanda, bu maddə lazımi məlumatların təqdimedilmə dövrünü özündə əks etdirmir. Yəni məlumatlar hansı dövrü əhatə etməklə təqdim olunmalıdır? Əks təqdirdə qeyri-müəyyənlik mövcud olduğuna görə məlumatların təqdim olunmasında çaşqınlıq olacaq və məsələlərin icrasına vaxtında nəzarət edilməsi də mümkün olmayacaqdır.

8.4-cü maddədə “vəsaitlərdən” sözündən sonra “təyinatlarına uyğun” sözləri əlavə edilsin. 8.5-ci maddədə dövlət borcları və dövlət zəmanətləri ilə alınmış vəsaitlərdən istifadə edilməsində ictimai nəzarətin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Nəzarətin həyata keçirilməsi qaydasını müəyyən etmək üçün maddəyə yeni bir cümlənin əlavə edilməsinə ehtiyac vardır. Yəni yazmaq olar ki, ictimai nəzarətin həyata keçirilməsi qaydası müvafiq icra orqanları tərəfindən müəyyən edilir. Belə olmasa, müxtəlif təşkilatların və şəxslərin ictimai nəzarət adı altında bu məsələyə müntəzəm müdaxilələri olacaqdır.

Sonra, 12.1-ci maddədə “qərar” sözü “təklif” sözü ilə, 13.1-ci maddədə isə “hakimiyyətin” sözü “hakimiyyət orqanı” sözləri ilə əvəz edilsin. Layihədə “əqd” sözü “müqavilə” sözü ilə əvəz edilsə, daha qanunauyğun olardı. Belə ki, “əqd” “müqavilə”dən fərqli olaraq birtərəfli şəkildə və şifahi formada ola bilər. Diqqətinizə görə təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Əli Məsimli.

Ə. Məsimli. Çox sağ olun. Hörmətli cənab Sədr, hörmətli millət vəkilləri! Çıxış etməkdə məqsədim ondan ibarətdir ki, hörmətli Ziyad müəllimin qeyd elədiyi kimi, bu qanun layihəsində irəli sürülən bütün təkliflərin müəyyən hissəsi nəzərə alınıb, amma iş hələlik başa çatmayıb. Bu istiqamətdə işlər gedir və təkmilləşmə prosesi davam edəcəkdir. Bu prosesdə müəyyən çatışmayan məqamların protokola düşməsi, qeyd olunması nöqteyi-nəzərindən bir neçə cəhəti xüsusi qeyd eləmək istəyərdim. Bunlar nəzərə alınsın ki, üçüncü oxunuşda artıq həmin çatışmazlıqlar düzəlsin.

20-ci və 21-ci maddələr arasında diaqonal şəkilli ziddiyyət var. 20-ci maddədə göstərilir ki, bu qanun qüvvəyə mindiyi gündən ən geci 30 təqvim günü müddətində müvafiq icra hakimiyyəti orqanları əvvəllər qəbul etdikləri və qüvvədə olan borc öhdəlikləri və dövlət zəmanətləri haqqında məlumatları dövlət reyestrinə daxil edilmək üçün maliyyə orqanlarına təqdim etməlidirlər.

21.2-ci maddədə isə göstərilir ki, bu qanun qüvvəyə mindiyi tarixdən sonra həyata keçirilən dövlət borcalmalarına və verilən dövlət zəmanətlərinə şamil edilmir. Bu necə ola bilər ki, bütövlükdə qəbul edirlər, reyestrə daxil olur, amma əvvəlki borclar havada qalır. Ona görə də hesab edirəm ki, həmin bənd çıxarılmalıdır. Həmin bənd çıxarılan kimi, hər şey yerində olur və bu, həddindən artıq prinsipial məsələdir. Əgər dövlət zəmanəti verilibsə, hökumət artıq bunun arxasında duran bir faktordur. Bu, beynəlxalq səviyyədə də Azərbaycan üçün başağrıları olar. Müstəqillik əldə etməyimiz o qədər də böyük dövr əhatə etmir və 15 ildə alınan pul da o qədər böyük deyil. Bu, Azərbaycanın ümumi daxili məhsulunun 10 faizi səviyyəsindədir. Adambaşına 233 dollar borc düşür. Belə bir şəraitdə hansısa borcun altından qaçmaq, hesab edirəm ki, Azərbaycan dövləti üçün çox ciddi problemlər gətirə bilər. Hesab edirəm ki, bu maddə çıxarılmalıdır.

İkinci, Rusiyanın və bir sıra dövlətlərin təcrübəsi göstərir ki, çox cidd-cəhdlə hökumətlər özlərinin xarici borclarını aşağı salırlar və sonra arxayınçılıq olur. Zəmanət verirlər və bu zəmanət müxtəlif kanallarla qısa müddət ərzində əvvəlki qədər qalxır. Rusiyada bu proses özünü göstərir. Ona görə hesab edirəm ki, biz bi qanunları işləyəndə mütləq dövlətçilik təfəkkürü səviyyəsində belə ciddi məsələləri nəzərdən qaçırmamalıyıq. Başqa ölkələrdə bu olub, Azərbaycanın da başına gələ bilər. Ciddi nəzarət mexanizmi olmalıdır.

10.3-cü maddədə göstərilir ki, Azərbaycan Respublikası adından xarici borcalmada qeyri-dövlət təşkilatları, özəl təşkilatlar − kim istəsə, danışıq apara bilər. Bu işdə dövlət hakimiyyəti orqanlarının nümayəndələri əsas rol oynamalıdırlar. Onlar gedib danışacaqlar, zəmanət verilən borcları alacaqlar və sonra onun qaytarılmasında Azərbaycan üçün xeyli dərəcədə ciddi problem yaradacaqlar.

Üçüncü ciddi məsələ ondan ibarətdir ki, Azərbaycanın daxili borcu xarici borcdan qat-qat azdır. 260 milyon simvolik xarakter daşıyır. Belə bir şəraitdə Azərbaycanın bu sahədə nə qədər ehtiyatı var? Mən konkret surətdə qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 26 oktyabr tarixli 1067-ci Sərəncamına əsasən Azərbaycan Respublikası vətəndaşlarının 1992-ci il 1 yanvar tarixinə olan əmanətlərinə kompensasiya verilməsinin tənzimlənmə mexanizminin yaradılması barədə göstəriş verilib. Hesab edirəm ki, Prezidentin sərəncamı ciddi bir əsasdır ki, daxili borclara aid olan 9-cu maddə kifayət qədər təkmilləşməsinə baxmayaraq, ora məhz bu batmış əmanətlərin daxili dövlət borcu kimi uçota düşməsi müddəasının salınması ümumi işin xeyrinə olardı.

Digər tərəfdən, hörmətli Sədr, enerji daşıyıcılarının qiyməti qalxandan sonra sosial sahədə ciddi problemlər yaranıb. Bu problemlərin cilalanmasında Azərbaycan hökuməti üçün alternativi olmayan qlobal miqyaslı addım ondan ibarət olar ki, məhz yaz sessiyasında batmış əmanətlərin qaytarılması...

Sədrlik edən. Sağ olun. Pənah Hüseyn.

P. Hüseyn. İmamverdi müəllimin xahişini nəzərə alaraq mən çıxışımı bir neçə cümlə ilə yekunlaşdıracağam. Birincisi, 1995-ci il Konstitusiyasından sonra bütün sahələrdə parlamentin təsir və nəzarət imkanları aşağı salınır. Məsələn, əvvəlki 1992-ci il qanununda dövlət borcu sahəsindəki siyasəti o vaxt Ali Sovet, yəni indiki Milli Məclis həyata keçirirdi. Mən hesab edirəm ki, burada bizdəki hakimiyyət strukturlarının rolunun artırılması ilə bağlı müəyyən proseslər var. O cümlədən dövlət quruculuğu siyasətində. Amma bir daha qeyd edirəm, Əli Məsimli də buna toxundu, hər halda dövlət borcu siyasətinin müəyyən edilməsi və dövlət borclarının səmərəli xərclənməsi üzərində, heç şübhəsiz, Milli Məclisin və onun konkret orqanı olan Hesablama Palatasının daha səmərəli nəzarətini burada bir müddəa əks etdirməli idi.

İkincisi, bizim vətəndaşlar çox səbirlidir. Prinsip etibarı ilə Azərbaycan Azərbaycan Demokratik Respublikasının hüquqi varisi elan olunsa da, eyni zamanda, həm də keçmiş SSRİ-nin bir sıra öhdəliklərinin, o cümlədən daxili borca görə vətəndaşlar qarşısındakı öhdəliklərinin varisidir. Mənə elə gəlir ki, bir qədər də gözləsək, artıq vətəndaşlar məhkəmələrə, o cümlədən beynəlxalq məhkəmələrə müraciət edərək həmin bu varislik prinsipinə görə özlərinin vəsaitini tələb etməyə başlayacaqlar və xüsusi bir qanuna da, əslində, ehtiyac yoxdur. Mən hesab edirəm, həmin qanun layihəsinin zəruriliyi, əslində, bunları ödəməmək cəhdidir. Çünki elə indiki iqtidarın dövründə Prezident fərmanının olması xatırlandı və mənə elə gəlir ki, bizim icra hakimiyyəti orqanları, Milli Bank ölçüb-biçib, vətəndaşın əmanətlərini geri qaytarmağa başlamalıdırlar. Necə ki sovet hakimiyyəti dövründən biz binaları, müəyyən istehsal fondlarını, sərvətləri almışıq və bu gün də bundan istifadə edirik, zəhmət çəkib, borcları da, öhdəlikləri də yerinə yetirmək lazımdır. Bir də bunun üçün xüsusi bir qanunun işlənib hazırlanmasına heç bir ehtiyac yoxdur. Əslində, qanunvericilik bazası var.

Nəhayət, texniki xarakterli təklifi qeyd etməklə fikrimi yekunlaşdırıram. Xarici dövlət borcunun alınması barədə burada yazılıb ki, Azərbaycan Respublikası adından Azərbaycan Respublikasının qeyri-rezidentləri ilə bağlanmış müqavilələrin öhdəlikləri üzrə borc. Bir qayda olaraq, bu həm də müvafiq prosedur ilə qüvvəyə minmiş müqavilələrə görə olsa, daha yaxşı olar. Çünki biz Milli Məclisdə bir neçə bu xarakterli müqavilələri də təsdiq eləmişik. Təşəkkür edirəm.

Sədrlik edən. Çox sağ olun. Ziyad müəllim, verilən təkliflərə qanunvericilik təşəbbüsü subyekti ilə birlikdə baxarsınız, mümkün məsələləri həll edərsiniz. Başqa fikir yoxdursa, xahiş edirəm, qanun layihəsini səsə qoyaq. Qanun layihəsi 21 maddədən ibarətdir. Maddələri beş-beş səsə qoyaq. Xahiş edirəm, 1-5-ci maddələrə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri    (saat 17.58 dəq.)

Lehinə    96
Əleyhinə    0
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    97
Nəticə: qəbul edildi

Çox sağ olun, qəbul edildi.
Xahiş edirəm, 6-10-cu maddələrə münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri    (saat 17.59 dəq.)

Lehinə    96
Əleyhinə    0
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    97
Nəticə: qəbul edildi

Sağ olun, qəbul edildi.
Xahiş edirəm, 11-15-ci maddələrə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri    (saat 17.59 dəq.)

Lehinə    95
Əleyhinə    1
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    97
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Xahiş edirəm, 16-21-ci maddələrə münasibətinizi bildirəsiniz.


Səsvermənin nəticələri 
   (saat 18.00 dəq.)

Lehinə    97
Əleyhinə    0
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    98
Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun.
Qanun layihəsi ikinci oxunuşda bütövlükdə səsə qoyulur. Xahiş edirəm, münasibətinizi bildirəsiniz.

Səsvermənin nəticələri 
   (saat 18.00 dəq.)

Lehinə    99
Əleyhinə    0
Bitərəf    1
Səs vermədi    0
İştirak edir    100

Nəticə: qəbul edildi

Qəbul edildi, sağ olun. İclasımız sona çatdı. Sağ olun.

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi