Dövlət rəmzləri

Dövlət gerbi

  

Azərbaycan  Respublikasının Dövlət gerbi haqqında

Azərbaycan Respublikasının Konstitusiya Qanunu

Azərbaycan Respublikasının  Milli  Məclisi  qərara  alır:

  1. Azərbaycan  Respublikası  Dövlət  gerbinin  rəngli  və  ağ-qara təsviri təsdiq edilsin.
  2. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

 

 

Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamənin təsdiq edilməsi barəsində AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

  1. Azərbaycan  Respublikasının  Dövlət  gerbi  haqqında  Əsasnamə (əlavə olunur) təsdiq edilsin.
  2. Azərbaycan  SSR  Ali  Soveti  Rəyasət  Heyətinin   1981-ci   il 16 mart tarixli Fərmanı (Azərbaycan SSR Ali Sovetinin Məlumatı, 1981-ci  il, N-5-6, maddə 70)  ilə təsdiq   edilmiş   Azərbaycan SSR-in  Dövlət  gerbi  haqqında  Əsasnamə  qüvvəsini  itirmiş   hesab edilsin.
  3. Bu Qanun imzalandığı andan qüvvəyə minir.

 

 

Azərbaycan Respublikasının Dövlət gerbi haqqında

Ə S A S N A M Ə

Azərbaycan Respublikasının
1993-cü il 23 fevral tarixli
Qanunu ilə təsdiq edilmişdir.
  1. Azərbaycan Respublikasının Dövlət gerbi Azərbaycan dövlətinin müstəqilliyi rəmzidir.

  2. Azərbaycan Respublikasının Dövlət gerbi palıd budaqlarından və sünbüllərdən  ibarət qövsün üzərində yerləşən  şərq qalxanının  təsvirindən  ibarətdir. Qalxanın  üstündə  Azərbaycan  Respublikası Dövlət bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır.
    Azərbaycan Respublikası Dövlət gerbinin rəngli təsvirində ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı rəngdədir. Qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri və palıd qozaları qızılıdır.

  3. Azərbaycan  Respublikası  Dövlət  gerbinin   qabarıq   təsviri vurulur:
    • Azərbaycan  Respublikası  parlamentinin  binasına, iclas  salonuna və parlament sədrinin xidməti kabinetinə;
    • Azərbaycan  Respublikası Prezidentinin iqamətgahına və xidməti kabinetinə;
    • Azərbaycan  Respublikasının  bütün   məhkəmələrinin,   hərbi tribunallarının  binalarına, məhkəmə  iclaslarının  salonlarına, Azərbaycan  Respublikası  Konstitusiya  Məhkəməsi, Ali Məhkəməsi və Ali Arbitraj Məhkəməsi sədrlərinin  xidməti  kabinetlərinə;
    • yerli nümayəndəli dövlət orqanlarının  binalarına  və  iclas salonlarına;
    • Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş hallarda dövlət orqanlarının binalarına;
    • Azərbaycan  Respublikasının  diplomatik və  ticarət  nümayəndəliklərinin, konsulluq idarələrinin binalarına.
  4. Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsvirindən  istifadə olunur: 
    • Azərbaycan Respublikası Dövlət möhüründə, bütün dövlət orqanlarının möhürlərində;
    • Azərbaycan Respublikası qanunlarının, parlamentin qərarlarının, prezidentin fərman  və sərəncamlarının  blanklarında;
    • bu Əsasnamənin 3-cü maddəsində göstərilən dövlət orqanlarının  sənədlərinin  blanklarında  (binalarının  lövhələrində);
    • Azərbaycan Respublikası Milli Bankının buraxıldığı kağız və metal pul nişanlarında, Azərbaycan Respublikasının qiymətli kağızlarında, dövlət istiqraz  vərəqələrində;
    • Azərbaycan Respublikası vətəndaşının pasportunda; Azərbaycan Respublikası vətəndaşına verilən diplomatik və başqa xarici pasportlarda;
    • Azərbaycan  Respublikası  parlamentinin  rəsmi  nəşrlərində;
    • Azərbaycan Respublikasının qanunvericiliyində müəyyən edilmiş hallarda Dövlət sərhəd nişanlarında.
    • Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə müvəkkilinin (ombudsmanın) aparatının möhür və blanklarında.
  5. Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  Azərbaycan Respublikası Dövlət gerbinin təsvirinin mütləq vurulmalı  olduğu başqa hallar da nəzərdə tutula bilər.

  6. Bu Əsasnamədə göstərilən hallardan başqa Azərbaycan Respublikası Dövlət gerbinin təsvirindən istifadə etmək hüququ Azərbaycan Respublikasının parlamenti tərəfindən verilə bilər.

  7. Azərbaycan  Respublikası  Dövlət  gerbinin  təsviri  olan  möhürlərin  və  sənəd blanklarının  hazırlanması, istifadə  olunması, saxlanılması  və  məhv  edilməsi  qaydası   Azərbaycan  Respublikası Nazirlər Kabineti tərəfindən müəyyən edilir.

  8. Azərbaycan Respublikası Dövlət gerbinin verilən təsviri ölçüsündən asılı olmayaraq həmişə dəqiq surətdə bu Əsasnaməyə əlavə edilən rəngli və ya ağ-qara təsvirə uyğun gəlməlidir.

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi