Konstitusiya qanunları

Beynəlxalq cinayətlərə görə məsuliyyət

Beynəlxalq cinayətlərə görə məsuliyyət müəyyən edən qanunun qüvvəsinin geriyə şamil olunması haqqında

AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA
Q A N U N U

Bu Konstitusiya Qanunu Azərbaycan Respublikasında sülh və insanlıq əleyhinə cinayətlərə, soyqırım və müharibə cinayətlərinə görə məsuliyyət nəzərdə tutan mövcud cinayət qanunvericiliyi normalarının tətbiqini “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın və “Mülki və siyasi hüquqlar haqqında” Beynəlxalq Paktın müvafiq müddəalarına uyğunlaşdırmaq məqsədi ilə qəbul edilir.

Maddə 1.

Azərbaycan Respublikası Konstitusiyasının heç bir müddəası hamılıqla qəbul edilmiş beynəlxalq hüquq normalarına əsasən törədildiyi zaman cinayət sayılan əmələ (hərəkət və ya hərəkətsizliyə) görə hər hansı şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə və cəzalandırılmasına mane olan müddəa kimi şərh edilə və ya başa düşülə bilməz.

Maddə 2.

Bu Konstitusiya Qanununun 1-ci maddəsində nəzərdə tutulan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxslərin cinayət təqibi yalnız həmin əmələ görə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində məsuliyyət müəyyən edildikdən sonra həyata keçirilə bilər.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 5 dekabr 2006-cı il
№ 189-IIIKQ

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi