Konstitusiya qanunlarına dəyişikliklər

Naxçıvan MR Konstitusiyasına dəyişikliyin və əlavənin təsdiq edilməsi haqqında

Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına dəyişikliyin və əlavənin təsdiq edilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 11-12) aşağıdakı dəyişiklik və əlavə təsdiq edilsin:

I.I. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinin III hissəsi VI hissə hesab edilsin.

I.II. Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 44-cü maddəsinə aşağıdakı redaksiyada III, IV və V hissələr əlavə edilsin:

“III. Hər kəs onun hüquq və azadlıqlarını pozan Naxçıvan Muxtar Respublikasının qanunvericilik və icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarından bu maddənin II hissəsinin 1-3-cü bəndlərində göstərilən məsələlərin Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsi tərəfindən həll edilməsi üçün, habelə bələdiyyə və məhkəmə aktlarından Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə pozulmuş insan hüquq və azadlıqlarının bərpa edilməsi məqsədi ilə qanunla müəyyən edilmiş qaydada şikayət verə bilər.

IV. Naxçıvan Muxtar Respublikasında Konstitusiya nəzarətinin həyata keçirilməsi ilə bağlı Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin aktlarından qanunla müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinə şikayət verilə bilər.

V. Naxçıvan Muxtar Respublikasının məhkəmələri insan hüquq və azadlıqlarının həyata keçirilməsi məsələləri ilə bağlı Naxçıvan Muxtar Respublikası qanunlarının şərh edilməsi haqqında qanunla müəyyən edilmiş qaydada Naxçıvan Muxtar Respublikasının Ali Məhkəməsinə müraciət edə bilər.”.

II. Bu Konstitusiya Qanunu imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 21 oktyabr 2005-ci il
№ 1034-IIKQD


Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına əlavələrin və dəyişikliklərin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASININ KONSTİTUSİYA QANUNU

Azərbaycan Respublikasının Milli Məclisi qərara  alır:

I. Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddələr 11-12;  Azərbaycan Respublikasının 2005-ci il 15 aprel tarixli 884-IIKQD nömrəli Konstitusiya Qanunu; 2005-ci il, № 10, maddə 906; 2006-cı il, № 1, maddə 1) aşağıdakı əlavələr və dəyişikliklər təsdiq edilsin:

1. 5-ci maddənin II hissəsinə aşağıdakı məzmunda 10-cu bənd əlavə edilsin və 10-19-cu bəndlər müvafiq olaraq 11-20-ci bəndlər hesab edilsin:

“10) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi haqqında Naxçıvan Muxtar Respublikasının Ali Məclisinə təqdimat verir;”.

2. 24-cü maddənin I hissəsinə aşağıdakı məzmunda 3-cü bənd əlavə edilsin və 3-9-cu bəndlər müvafiq olaraq 4-10-cu bəndlər hesab edilsin:

“3) Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin statusu;”.

3. 25-ci maddənin I hissəsinə aşağıdakı məzmunda 7-ci bənd əlavə edilsin və 7-8-ci bəndlər müvafiq olaraq 8-9-cu bəndlər hesab edilsin:

“7) Naxçıvan Muxtar Respublikası ali vəzifəli şəxsinin təqdimatı ilə Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin seçilməsi;”.

II. Bu Konstitusiya Qanunu imzalandığı gündən qüvvəyə minir.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 2 oktyabr 2006-cı il
№ 127-IIIKQD

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi