Sənədlər

648

1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri
təhqiq edən deputat-istintaq komissiyasının işinin
yekunu barədə
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikasının Milli Məclisi Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən M. Mütəllimov-sədr, Ş. Hacıkərimov, V. Qasımov, T. Əliyev, İ. İbrahimov, M. Məmmədov, M. Fəttayevdən ibarət deputat-istintaq komissiyasının arayışını dinləyərək qeyd edir ki, 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir. Milli Məclisə təqdim olunmuş deputat-istintaq komissiyasının materiallarından və rəydən, Milli Məclisin iclasındakı əksər çıxışlardan və ümumiyyətlə müzakirələrdən aydın oldu ki, Gəncə hadisələri Azərbaycan Respublikası Prezidentinin, onun ətrafındakıların səbatsız siyasətinin nəticələridir və axırıncı bir il iqtidarda olan şəxslərin fəaliyyətinin məntiqi yekunudur.
Komissiya qeyd etdiyi kimi, respublikada son dərəcə mürəkkəb ictimai-siyasi şərait mövcud idi. Siyasi ehtiraslar səngimək bilmirdi; hakimiyyət boşluğu, qanunların işləməməsi, torpaqlarımızın xeyli hissəsinin erməni işğalçıları tərəfindən zəbt edilməsi, əhalinin əsas kütləsinin yoxsulluq həddindən aşağı səviyyədə yaşaması, respublikanın milli sərvətlərinin cinayətkarcasına talanması, sosial, siyasi və mədəni həyatda qarmaqarışıqlıq, özbaşınalıq, hərcmərclik xalqın səbrini son həddə çatdırmış axırıncı bir ilin xarakterik əlamətləridir.

Arayışdan görünür ki, respublikada vəziyyətin ağırlaşdırıcı faktorlarından biri də iqtidarın kadr siyasəti idi. Bu siyasət ancaq Azərbaycan Xalq Cəbhəsinin potensialına söykənmişdi, rəhbərlik, bir qayda olaraq, ancaq Azərbaycan Xalq Cəbhəsinin nümayəndələrini irəli çəkirdi. İqtidar kadrları əsasən şəxsi sədaqət, dostbazlıq, qohumbazlıq prinsiplərinə görə seçirdi. Kadr sahəsində yeganə meyar olan qabiliyyət, səriştə və səviyyə məsələləri arxa plana keçirilmiş, Azərbaycanın intellektual potensialına məhəl qoyulmurdu.

Kadr siyasətini yarıtmaz təşkil etdiklərinə görə bu gün Ə. Elçibəy, İ. Qəmbər, P. Hüseynov, A. Hacıyev xalq qarşısında şəxsi məsuliyyət daşıyırlar.

Gəncə hadisələri məhz ölkədə olan son nöqtəyə çatmış böhranın, cəbhə bölgələrində bir-birinin ardınca baş vermiş uğursuzluqların, hakimiyyətdə olanların pozucu fəaliyyətlərinin gücləndiyi və xüsusilə iqtidara qarşı ümumxalq inamının tam sarsıldığı bir dövrdə baş vermişdir. Gəncə hadisələri bütün bunların ört-basdır edilməsini təmin etmək məqsədilə iqtidar və respublikanın digər yüksək vəzifəli şəxsləri tərəfindən öz xalqına qarşı yönəldilmiş, bununla da respublikada demokratiyanı hərbi-polis rejiminə çevirmək, iqtidara qarşı baş qaldıran qüvvələrin aradan götürülməsinə və məhv edilməsinə nail olmaq cəhdləri ilə bağlı təşkil edilmiş aksiyadır.

İqtidar üçün belələrindən biri də Azərbaycanın xalq deputatı, Milli Qəhrəman Surət Hüseynov oldu. Məsələnin təhlili göstərdi ki, onun orduda və xalq arasında artan nüfuzu hakimiyyətin narahatlığına səbəb olurdu. Məhz buna görə Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin S. Hüseynovu satqınlıqda və xəyanətdə ittiham edən məlum qərəzli bəyanatı ilə ona qarşı təqibetmə kompaniyasına başlandı.

Komissiyanın təhqiqi göstərir ki, Azərbaycan Xalq Cəbhəsinin və respublika rəhbərliyinin S. Hüseynovu ləkələmək məqsədi ilə baş tutmayan cəhdləri onlara nəsihət-olmadı və iqtidar onu həbs etmək üçün xüsusi hərbi əməliyyatlar həyata keçirmək barəsində müvafiq göstərişlər vermişdir.

1993-cü il mayın sonunda respublika rəhbərliyini təmsil edən Ə. Elçibəy, İ. Qəmbər, P. Hüseynov və Ə. Kərimov güc nazirliklərinin rəhbərlərini və Silahlı Qüvvələrin komandanlığını cəlb etməklə 709 nömrəli hərbi hissənin tərksilah edilməsi və S. Hüseynovun həbs edilməsi əməliyyatını başlamışlar.

Komissiyanın rəyindən göründüyü kimi, iyunun əvvəlində müdafiə naziri D. Rzayevin, Baş prokuror İ. Şirinovun milli təhlükəsizlik nazirinin birinci müavini S. Əkbərovun, daxili işlər nazirinin birinci müavini Q. Məmmədovun, daxili qoşunların komandanı F. Hacıyevin, ədliyyə nazirinin müavini M. Zeynalovun başçılıqları və iştirakı ilə həmin əməliyyatı həyata keçirmək üçün Gəncədə xeyli hərbi qüvvə və sursat toplanmışdır. Qeyd etmək lazımdır ki, 709 nömrəli hərbi hissənin tərksilah edilməsi Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin səlahiyyətinə aid olan məsələdir. Belə bir halda Azərbaycan Respublikası Prezidentinin və respublikanın digər rəhbərlərinin həmin əməliyyatın keçirilməsi üçün Silahlı Qüvvələrin bütün növlərindən ibarət geniş miqyaslı hərbi qüvvələri cəlb etməsi məqsədyönlü xarakter daşımış və buna heç bir haqq qazandırmaq olmaz. Bu əməliyyatın keçirilməsi üçün Azərbaycan Respublikasının sabiq Baş prokuroru İ. Şirinov S. Hüseynovun həbs edilməsi haqqında qərarı təsdiq etmiş, iqtidarın göstərişinə əsasən Gəncə şəhəri ilə rabitə əlaqələri kəsilmişdir.

Deputat-istintaq komissiyasının təqdim etdiyi arayışdan, sabiq müdafiə naziri D. Rzayevin, müdafiə nazirinin sabiq birinci müavini N. Sadıqovun, sabiq milli təhlükəsizlik naziri F. Təhməzovun, sabiq daxili işlər naziri A. Allahverdiyevin, Azərbaycan Respublikasının hərbi prokuroru R. Əliyevin, Gəncə qarnizonunun hərbi prokuroru R. Yusifovun və digər şəxslərin Milli Məclisin iclasındakı çıxışlarından məlum olur ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində 709 nömrəli hərbi hissəyə qarşı aparılan hərbi əməliyyatlar Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin göstərişləri ilə həyata keçirilmişdir. Faktlar göstərir ki, əməliyyata sabiq Baş nazir Pənah Hüseynov və Ali Sovetin sədri İsa Qəmbər daxili işlər naziri A. Allahverdiyevin iş otağından bilavasitə rəhbərlik etmişlər. İlkin məlumatlara əsasən 35 nəfər həlak olmuş, 130 nəfər isə yaralanmışdır. Hərbi şəhərciyə və hava limanına təxminən 23 milyard rubl ziyan dəymişdir.

Planlaşdırılmış və icrasına başlanılmış əməliyyatın 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş tutmaması artıq aydınlığı ilə məlum olmasına baxmayaraq, 1993-cü ilin iyun ayının 5-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı Əbülfəz Elçibəyin rəhbərliyi, Azərbaycan Respublikası Ali Sovetinin sədri İsa Qəmbərin, Azərbaycan Respublikasının Baş naziri Pənah Hüseynovun, Azərbaycan Respublikasının Dövlət katibi Əli Kərimovun, Azərbaycan Respublikasının müdafiə naziri Dadaş Rzayevin, Prezident aparatının Dövlət-hüquq şöbəsinin müdiri Fazil Mustafayevin, müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqovun və Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri Fərəc Quliyevin iştirakları ilə keçirilmiş müşavirədə əməliyyatın başa çatdırılmasını təmin etmək məqsədilə əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi təkidlə təklif edilmişdir. Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini, Baş qərargahın rəisi Nurəddin Sadıqov göstərilən əməliyyata əlavə qüvvələrin və hərbi hava hissələrinin cəlb edilməsinin və ordunun siyasi məsələlərdə iştirakının əleyhinə olduğunu rəsmi bildirdiyinə görə, o, elə həmin gün Prezidentin fərmanı ilə tutduğu vəzifəsindən azad edilmişdir. Bu məsələlərlə əlaqədar müdafiə naziri D. Rzayevin etirazı və istefa verməsi barədə bəyanatı rədd edilmişdir.

Eyni zamanda əməliyyata əlavə qüvvələrin, o cümlədən hərbi hava hissələrinin cəlb edilməsi barədə təklifin həyata keçirilməsini təmin etmək məqsədilə Müdafiə Nazirliyinin rəhbərliyinin dəyişdirilməsinə cəhd göstərilmişdir. Bu məqsədlə müdafiə naziri vəzifəsi general Nəcməddin Sadıqova və polkovnik Səfər Əbiyevə təklif edilmişdir. Lakin onlar bu təklifin məqsədini başa düşdükdə verilmiş təklifdən imtina etmişlər.

Milli təhlükəsizlik naziri F. Təhməzovun izahatına görə, respublika Prezidenti yaranmış gərgin vəziyyəti sabitləşdirmək əvəzinə hətta sərhəd qoşunlarının bir hissəsini belə səfərbər edib Gəncəyə göndərilməsi haqqında ona göstəriş vermişdir. Daxili işlər naziri A. Allahverdiyevin Milli Məclisə verdiyi məlumatdan aydın oldu ki, Prezidentin tapşırığına istinad edərək P. Hüseynov və İ. Qəmbər nazirdən təcili surətdə Bakı şəhərinin 8 rayonunda bələdiyyə polisi yaradıb, onlara və Azərbaycan Xalq Cəbhəsinin bir qrupuna silah verilməsini tələb etmişlər.

Azərbaycan Xalq Cəbhəsi dövlət sistemində heç bir statusa malik olmadığı halda, Azərbaycan Xalq Cəbhəsinin rəhbərliyi həmin əməliyyatın keçirilməsi ilə əlaqədar tədbirlərin hazırlanmasında iştirak etmiş və hərbi əməliyyatın həyata keçirilməsində başqa hərbi hissələrlə birlikdə özünün sərəncamında olan xüsusi batalyonu Gəncə şəhərinə göndərmişdir.

İqtidar tərəfindən Gəncəyə göndərilmiş silahlı qüvvələrin ümumi sayı üç mindən artıq olmuşdur.
Bütün yuxarıda göstərilən tədbirlər Gəncə şəhərində, respublikada silahlı qarşıdurma yaratmış, qardaş qanının tökülməsinə səbəb olmuşdur.

Təəccüblü odur ki, 1993-cü ilin 4 iyununda Gəncə şəhərində qardaş qırğını baş verdiyi halda Azərbaycan Respublikasının Prezidenti Ə. Elçibəy, Ali Sovetin sədri İ. Qəmbər, Baş nazir P. Hüseynov, Dövlət katibi Ə. Kərimov və respublikanın digər rəhbər vəzifəli şəxsləri hadisə yerində olmamış və vəziyyətin sabitləşdirilməsi üçün heç bir əməli tədbirlər həyata keçirməmişlər.

Komissiyanın materialları, rəyi və Milli Məclisdəki müzakirələr bir daha təsdiq edir ki, 1993-cü il iyun ayının 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr böyük faciə ilə nəticələnmiş, respublikadakı mövcud siyasi və hərbi vəziyyəti daha da gərginləşdirmiş, vətəndaş müharibəsi həddinə çatdırmışdır. Respublikada hakimiyyət böhranı baş vermiş, hərbi hissələrdə nizam-intizam xeyli zəifləmişdir. Bu şəraitdə Ermənistan silahlı qüvvələri tərəfindən Ağdam, Füzuli, Cəbrayıl istiqamətlərində hücumlar şiddətlənmiş, külli miqdarda itkilərə səbəb olmuşdur.

Bu dövrdə baş vermiş hadisələr respublikanın bir çox rayonlarında qanun pozuntularına yol vermişdir. Özbaşınalıq, hərc-mərclik, zorakılıq halları mövcud olmuşdur, bəzi yerlərdə ayrı-ayrı şəxslər qeyri-qanuni yollarla dövlət orqanlarını öz əllərinə keçirmişlər. İqtisadiyyata, xüsusən kənd təsərrüfatı işlərinin aparılmasına ziyan dəymişdir. Əhaliyə sosial xidmət və təminat xeyli pozulmuşdur.

Yuxarıdakıları nəzərə alaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələri təhqiq edən deputat-istintaq komissiyasının arayışı nəzərə alınsın.

2. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş qanlı hadisələr Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyin və digər yüksək vəzifəli şəxslərin əvvəlcədən xüsusi düşünülmüş və planlaşdırılmış siyasətinin nəticəsi hesab edilsin, onlar tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının və qanunlarının kobud surətdə pozulması kimi qiymətləndirilsin.

3. 1993-cü il iyunun 4-də Gəncə şəhərində baş vermiş hadisələrə görə aşağıdakı yüksək vəzifəli şəxslərin bilavasitə məsuliyyət daşıması barədə komissiyanın rəyi təsdiq olunsun:

1. Əbülfəz Elçibəy-Azərbaycan Respublikasının Prezidenti;
2. Pənah Hüseynov-sabiq Baş nazir;
3. İsa Qəmbər-Ali Sovetin sabiq sədri;
4. Əli Kərimov-sabiq Dövlət katibi;
5. Arif Hacıyev-sabiq Dövlət müşaviri;
6. İxtiyar Şirinov-sabiq Baş prokuror;
7. Abdulla Allahverdiyev-sabiq daxili işlər naziri;
8. Fəxrəddin Təhməzov-sabiq milli təhlükəsizlik naziri;
9. Dadaş Rzayev-sabiq müdafiə naziri;
10. Nurəddin Sadıqov-müdafiə nazirinin sabiq birinci müavini;
11. Sülhəddin Əkbərov-milli təhlükəsizlik nazirinin birinci müavini;
12. Fəhmin Hacıyev-Daxili Qoşunların sabiq Baş komandanı;
13. Qabil Məmmədov-daxili işlər nazirinin birinci müavini;
14. Məmməd Zeynalov-ədliyyə nazirinin müavini;
15. İbrahim Tatıyev-Baş prokurorun müavini;
16. Fərəc Quliyev-Azərbaycan Xalq Cəbhəsi İcraiyyə Komitəsinin sədri;
17. Fazil Mustafayev-Prezident aparatının Dövlət-hüquq şöbəsinin sabiq müdiri.

4. Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar Gəncə qarnizonu və Azərbaycan Respublikası hərbi prokurorluqları tərəfindən fakt üzrə cinayət işi qaldırıldığı nəzərə alınsın və Azərbaycan Respublikası Baş prokuroruna tapşırılsın ki, deputat-istintaq komissiyası tərəfindən toplanmış materiallara və Milli Məclisdə səslənən çıxışlara əsasən hərtərəfli istintaq aparıb qanun çərçivəsində lazımi tədbirlər görsün.

5. Deputat-istintaq komissiyasının istintaq üçün vacib hesab edilən materialları Azərbaycan Respublikası Prokurorluğuna verilsin.

6. Azərbaycan Respublikası Nazirlər Kabinetinə tapşırılsın ki, Gəncə şəhərində 1993-cü il iyun ayının 4-də baş vermiş hadisələr zamanı həlak olanların ailələrinə və ağır yaralananlara imtiyazlar və güzəştlər təyin olunmasını və dağılmış obyektlərin dövlət hesabına bərpa edilməsi məsələlərini mövcud qanunvericilik əsasında həll etsin.

7. Xocalı, Şuşa, Laçın, Kəlbəcər rayonlarının və digər yaşayış məntəqələrinin işğal edilməsi barədə cinayət işlərinin nəticələri haqqında qısa müddətdə Milli Məclisdə istintaq orqanlarının hesabatı dinlənilsin.

8. Daxili İşlər Nazirliyinə tapşırılsın ki, deputat-istintaq komissiyası üzvlərinin və istintaqla bağlı digər şəxslərin təhlükəsizliyini təmin etmək üçün təxirəsalınmaz lazımi tədbirlər görsün.
9. Gəncə şəhərində baş vermiş hadisələrlə əlaqədar yaradılmış deputat-istintaq komissiyasının arayışı "Azərbaycan" qəzetində dərc olunsun.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV

Bakı şəhəri, 16 iyul 1993-cü il
№ 648

 

Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi