Sənədlər

693

Rusiya Federasiyasının ali dövlət orqanları
rəhbərlərinin müraciətləri haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Rusiya Federasiyasının Prezidenti B. N. Yeltsin və Rusiya Federasiyası Ali Sovetinin sədri R. İ. Xasbulatov Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən məhkum edilmiş Rusiya ordusunun keçmiş hərbi qulluqçuları, Rusiya Federasiyası vətəndaşları Y. L. Yevstiqneyevin, V. P. Kudinovun, A. A. Filippovun, M. S. Lisovoyun, K. V. Tukişin, V. N. Simeonun Rusiya Federasiyası dövlət orqanlarının sərəncamına verilməsi barədə Azərbaycan Respublikası ali dövlət orqanlarının rəhbərlərinə müraciət etmişlər.

Vaxtı ilə Ermənistan Respublikasının ərazisində yerləşdirilmiş Rusiya Silahlı Qüvvələrinin 7-ci ordusunda hərbi xidmətdə olmuş yuxarıda adları çəkilən Rusiya Federasiyasının vətəndaşları erməni hərbi birləşmələri tərkibində Azərbaycan Respublikasının hüdudlarında aparılan hərbi əməliyyatlarda iştirak edərək Azərbaycan Milli ordusunun canlı qüvvəsini və texnikasını məhv etdiklərinə görə 1992-ci il sentyabrın 11-də Kəlbəcər rayonunun Mərzimək kəndində yaxalanmışlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyasının 1993-cü il mayın 12-də çıxarılmış hökmünə əsasən Y. L. Yevstiqneyev, V. P. Kudinov, A. A. Filippov, M. S. Lisovoy, K. V. Tukiş ölüm cəzasına, V. N. Simeon isə 15 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişlər.

Rusiya Federasiyası ali dövlət orqanlarının rəhbərləri bu barədə Azərbaycan Respublikası Ali dövlət orqanlarının rəhbərlərinə müraciət edərkən qeyd etmişlər ki, əgər onların həmin xahişi yerinə yetirilərsə belə bir qərar iki dövlət arasında olan dostluq və qarşılıqlı anlaşma münasibətlərinin inkişafına yönəldilmiş akt kimi qəbul ediləcəkdir.

Eyni zamanda Rusiya Federasiyası ali dövlət orqanlarının rəhbərləri öz müraciətlərində Azərbaycan Respublikasının ali dövlət orqanlarının rəhbərlərini əmin edirlər ki, Rusiya vətəndaşlarının muzdlu dəstələr tərkibində Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında gələcəkdə iştirak etməmələri üçün bütün zəruri tədbirləri həyata keçirəcəklər.

Həmin müraciətləri nəzərə alaraq və Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında olan mehriban qonşuluq münasibətlərinin və çoxtərəfli əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə, habelə Azərbaycan dövlətinin ali mənafelərini və humanizm prinsipini rəhbər tutaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

1. Azərbaycan Respublikası Ali Məhkəməsinin hərbi kollegiyası tərəfindən məhkum olunmuş Rusiya ordusunun keçmiş hərbi qulluqçuları, Rusiya Federasiyasının vətəndaşları Y. L. Yevstiqneyev, V. P. Kudinov, A. A. Filippov, M. S. Lisovoy, K. V. Tukşin və V. N.Simeon Rusiya Federasiyası dövlət orqanlarının sərəncamına verilsin.

2. Azərbaycan Respublikasının Milli Məclisi ümidvar olduğunu bildirir ki, Rusiya Federasiyasının əlaqədar dövlət orqanları Rusiya vətəndaşlarının erməni hərbi birləşmələri tərəfində muzdlu dəstələrin tərkibində Azərbaycan Respublikasına qarşı döyüş əməliyyatlarında iştirak etməmələri üçün müvafiq tədbirlər görəcəklər.

3. Azərbaycan Respublikası Milli Məclisinin bu qərarı haqqında Rusiya Federasiyasının Prezidenti B. N. Yeltsinə və Rusiya Federasiyası Ali Sovetinin sədri R. İ. Xasbulatova məlumat verilsin.

Azərbaycan Respublikası Ali Sovetinin sədri
Heydər ƏLİYEV


Bakı şəhəri, 3 sentyabr 1993-cü il
№ 693

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi