Sənədlər

725

Azərbaycan Respublikası Ali Sovetinin sədri Heydər Əlirza oğlu Əliyevin
Azərbaycan Respublikasının xalq deputatı səlahiyyətlərinə xitam verilməsi haqqında
AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN
Q Ə R A R I

Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il iyulun 29-da qəbul edilmiş qərarı ilə 1993-cü il avqustun 29-da Azərbaycan Respublikasının Prezidenti Əbülfəz Elçibəyə etimad göstərilməsi haqqında ümumxalq səsverməsi (referendum) keçirilmişdir. Həmin referendumda səsvermədə iştirak edən seçicilərin 97,5 faizi sabiq prezidentə etimadsızlıq göstərmişdir. Bununla əlaqədar Azərbaycan Respublikasının Milli Məclisi 1993-cü il oktyabrın 3-nə Azərbaycan Respublikası Prezidentinin növbədənkənar seçkilərini təyin etmişdir.

Böyük ruh yüksəkliyi ilə, tam demokratik şəraitdə, alternativ əsaslarla, xarici ölkələrin və beynəlxalq təşkilatların, habelə Azərbaycan Respublikası siyasi partiyalarının və ictimai birliklərinin, əmək kollektivlərinin müşahidəçilərinin iştirakı ilə keçirilmiş Prezident seçkilərində Azərbaycan xalqının tam əksəriyyəti (seçkilərdə iştirak etmiş 97,7 faiz seçicilərin 98,8 faizi) Heydər Əlirza oğlu Əliyevi Azərbaycan Respublikasının Prezidenti seçmişdir.

1993-cü il oktyabrın 10-dan etibarən Heydər Əlirza oğlu Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başlamışdır.

Azərbaycan Respublikası Konstitusiyasının 121-2-ci maddəsinin dördüncü hissəsinə görə "Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası xalq deputatları Sovetlərinin deputatı ola bilməz". Azərbaycan Respublikası Ali Sovetinin müvəqqəti reqlamentinin 45-ci maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikası Ali Sovetinin sədri Azərbaycan Respublikasının xalq deputatı olmalıdır.

Azərbaycan Respublikası Konstitusiyasının 121-2-ci maddəsinin dördüncü hissəsinə və Azərbaycan Respublikası Ali Sovetinin müvəqqəti reqlamentinin 45-ci maddəsinin birinci hissəsinə əsaslanaraq Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının xalq deputatı Heydər Əlirza oğlu Əliyevin deputat səlahiyyətlərinə xitam verilməsi nəzərə alınsın və Azərbaycan Respublikası Ali Soveti sədrinin vəzifəsi boşalmış hesab edilsin.

Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini
A. CƏLİLOV

Bakı şəhəri, 5 noyabr 1993-cü il

№ 725

 

 

 

MEQA şirkətinin istehsalı
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Ünvan | Linklər | Saytın xəritəsi