sag
line decor
  MUZEY HAQQINDA   ::   STENDLƏR  ::   Heydər ƏLİYEV və AZƏRBAYCAN PARLAMENTİ   ::   SƏNƏDLƏR  ::   FƏXRİ QONAQLAR 
line decor
   
 
MUZEY HAQQINDA

Xoş gəlmisiniz, Heydər Əliyev xatirə zalında sizi ürəkdən salamlayırıq!

Xatirə zalında ümummilli liderimizin zəngin həyat yolunu, siyasi və dövlətçilik fəaliyyətini əks etdirən çoxsaylı eksponatlar toplanmışdır. Xatirə zalının bir hissəsini stendlər təşkil edir.

small product photo"BÖYÜK HƏYATIN ASTANASINDA" adlı stend ulu öndərimizin uşaqlıq və yeniyetməlik dövrünə həsr olunmuşdur.

Bu şəkillərdə biz Heydər Əliyevin doğulub boya-başa çatdığı böyük və mehriban ailənin həyatından müxtəlif məqamları əks etdirən fotoşəkilləri görə bilərik.

"DÖVLƏT TƏHLÜKƏSİZLİYİ LEYTENANTINDAN GENERALINADƏK..." adlı stend ümummilli liderimizin dövlət təhlükəsizliyi orqanlarında fəaliyyətinə həsr olunmuşdur.

1944-cü ildən 1967-ci ilədək Heydər Əliyev sıravi işçidən Dövlət Təhlükəsizliyi Komitəsinin rəhbəri vəzifəsinədək şərəfli bir yol keçmişdir. O, Sovet İttifaqında dövlət təhlükəsizliyi generalı olan ilk azərbaycanlı idi.

"SOVET AZƏRBAYCANINI UCALDAN RƏHBƏR" adlı stend 1969-1982-ci illərdə ümummilli liderimizin Azərbaycana rəhbərlik etdiyi dövrdən bəhs edir.

Bu dövrdə Azərbaycanda həyatın bütün sahələrində misilsiz inkişaf səviyyəsi əldə edilmişdir. Azərbaycan keçmiş İttifaqın qabaqcıl respublikaları sırasına çıxmışdır.

O vaxt ulu öndərimiz Azərbaycanın müstəqillik yollarında qarşılaşacağı problemləri qabaqcadan görür, bu günümüz üçün vacib olacaq problemləri həll edirdi. Məhz həmin dövrdə Sovet İttifaqı tərkibində olmasına baxmayaraq, Azərbaycanın gələcək müstəqilliyinin möhkəm təməli qoyulmuşdur.

"SOVET İTTİFAQININ ALİ RƏHBƏRLİYİNDƏ" adlı stend ümummilli liderimizin Moskvada Sovet İttifaqının ali rəhbərliyində çalışdığı dövrü əks etdirir. 1982- ci ilin noyabr ayında Heydər Əliyev Siyasi Büronun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edilmiş və sovet dövlətinin aparıcı rəhbərlərindən biri olmuşdur.

Heydər Əliyev Moskvada işlədiyi vaxtlarda ittifaq miqyaslı problemlərin həlli ilə məşğul olmaqla yanaşı, həmişə Azərbaycanı düşünmüş, onun taleyi ilə yaşamışdır. Doğma Azərbaycanın yalnız keçmiş SSRİ məkanında deyil, həm də dünyada tanıdılması üçün var gücü ilə çalışmışdır.

"QAYIDIŞ: MÜSTƏQİLLİK UĞRUNDA YENİLMƏZ MÜBARİZ" adlı stend ulu öndərimizin 1990-1993-cü illərdəki fəaliyyətinə həsr olunmuşdur. 1990-cı ilin iyul ayında o vaxtkı ittifaq və respublika rəhbərliyinin yaratdığı bütün maneələrə baxmayaraq, Heydər Əliyev Moskvadan Naxçıvana qayıtdı. Bütün əhalinin istəyi ilə o, Azərbaycan və Naxçıvan parlamentlərinin deputatı, sonra isə muxtar respublikanın Ali Məclisinin sədri seçildi.
1991-ci ildə Heydər Əliyev Azərbaycan Ali Sovetində tarixi çıxışlar etmişdir. O, dağılmaqda olan ittifaqın saxlanması üçün göstərilən cəhdlərin əsassız olduğunu söyləyir, Azərbaycanın müstəqil dövlət kimi yaşamağa qadir olduğunu sübut edirdi.


"QURTULUŞ: MÜSTƏQİL DÖVLƏTİN XİLASKARI VƏ QURUCUSU" adlı stend ulu öndərimizin həyata keçirdiyi qurtuluş missiyasına həsr olunmuşdur.

1993-cü ilin iyun ayında Azərbaycan ölüm-dirim ayrıcında dayandıqda xalqımız Heydər Əliyevin hakimiyyətə gətirilməsi tələbi ilə ayağa qalxdı. Ümummilli liderimiz 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi. Onun ölkə rəhbərliyinə qayıdışı Azərbaycanı məhv olmaq fəlakətindən xilas etdi və xalqımızın Milli Qurtuluş günü kimi tarixə yazıldı. Xalqa, onun sarsılmaz gücünə arxalanan Heydər Əliyev müdrikliyi Azərbaycanın qarşısında dayanan problemləri bir-birinin ardınca həll etməyə imkan yaratdı.

"AZƏRBAYCANIN ƏRAZİ BÜTÖVLÜYÜ BƏRPA OLUNACAQDIR" adlı stend Ermənistanın ölkəmizə təcavüzünün nəticələrini aradan qaldırmaq sahəsində ümummilli liderimizin gördüyü işləri əks etdirir. Bu sahədə həyata keçirilən tədbirlərin ümumi yekunu bu olmuşdur ki, cəbhə xəttində atəşkəs elan edilmiş, problemin sülh yolu ilə nizama salınması üçün danışıqlara başlanmışdır. Eyni zamanda, dövlətimizin müstəqilliyini, xalqımızın əmin-amanlığını qorumağa, ölkəmizin ərazi bütövlüyünü bərpa etməyə qadir olan silahlı qüvvələr yaradıldı.

"AZƏRBAYCANÇILIQ, MÜSTƏQİLLİK, DÖVLƏTÇİLİK..." adlı stend xalqımızın milli-mənəvi dəyərlərinin qorunmasına və inkişafına ümummilli liderimizin göstərdiyi qayğıdan bəhs edir. Məlum olduğu kimi, 1991-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə dünya azərbaycanlılarının həmrəyliyi günü təsis edilmişdir. 2001-ci ildə Bakıda dünya azərbaycanlılarının birinci qurultayı keçirilmiş, xaricdə yaşayan soydaşlarımızla əlaqələr üzrə ayrıca dövlət qurumu yaradılmışdır. “Kitabi Dədə Qorqud” dastanının 1300, böyük şairimiz Füzulinin 500 illik yubileyi keçirilmişdir. Bütün bunlar və digər tədbirlər xalqımızın bütövlüyünün, birliyinin möhkəmlənməsinə, mədəniyyətinin inkişafına kömək göstərir, azərbaycançılıq ideyasını süurlarımıza və qəlblərimizə hakim edir.
Heydər Əliyev müstəqil Azərbaycan dövlətçiliyinin memarı və qurucusu olduğu kimi, bugünkü Azərbaycan parlamentinin də banisidir. Ölkəmizdə qurulmuş hüquqi dövlətin bütün elementləri ilə yanaşı, Konstitusiyamız da, Milli Məclisimiz də onun yaradıcı zəkasının bəhrələridir.

"AZƏRBAYCANIN MÜSTƏQİL XARİCİ SİYASƏTİNİN BANİSİ" adlı stend ümummilli liderimizin xarici siyasət sahəsində fəaliyyətinə həsr olunmuşdur.

Müstəqil dövlətimizin elmi təhlilə əsaslanan, müasir dünyanın və tarixi şəraitin reallıqları üzərində qurulan xarici siyasət konsepsiyası ümummilli liderimizin hakimiyyətə qayıdışından sonra formalaşdırılmağa və ardıcıl surətdə həyata keçirilməyə başlanmışdır. Dünyanın əksər dövlətləri ilə mehriban münasibətlər yaradılmış, dövlətimiz bir sıra nüfuzlu beynəlxalq təşkilatların üzvlüyünə qəbul edilmişdir. Azərbaycan dünya birliyində özünəməxsus yer tutmuş, onun beynəlxalq imici yüksəlmişdir.

"HEYDƏR ƏLİYEV İŞİ DAVAM EDİR". Heydər Əliyevin Azərbaycan xalqı qarşısında xidmətlərindən biri də öz siyasi varisi İlham Əliyevi ərsəyə çatdıraraq müstəqil dövlətimizin ardıcıl inkişafı üçün zəmin yaratmasıdır. 2003-cü ildən başlayaraq möhtərəm Prezidentimizin həyata keçirdiyi uzaqgörən siyasət Azərbaycanı dünyada ən böyük sürətlə inkişaf edən bir dövlətə çevirmişdir. On iki il bundan əvvəl ulu öndərimiz Heydər Əliyevin rəhbərliyi ilə yaradılmış inkişaf dinamikası hazırda misilsiz vüsət almışdır.

Bu gün Azərbaycan geniş bir bölgədə söz sahibi olan, demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolunda qazandığı uğurları ilə dünyanın diqqətini özünə cəlb edən güclü bir dövlətdir. Vətənimizin işıqlı sabahı naminə gördüyü dəyərli işlər sayəsində möhtərəm İlham Əliyev xalqımızın dərin məhəbbətini və hörmətini qazanmışdır.

Bu stenddə möhtərəm Prezidentimiz İlham Əliyevin Milli Məclis haqqında səmimi sözlərini oxuyuruq:

“Mənim üçün Milli Məclis çox əziz və doğma bir yerdir, mənim doğma evimdir... Biz bir məqsədə qulluq edirik. Amalımız da, məramımız da birdir – ölkəmizi möhkəmləndirmək, gücləndirmək, Azərbaycan xalqının rifah halını yaxşılaşdırmaq, güclü, zəngin dövlət yaratmaqdır”.

Ulu öndərimizin bu gözəl büstünün müəllifi görkəmli heykəltəraş Ömər Eldarovdur. Bu stenddə Heydər Əliyevin ölkəmizdə qanunvericilik fəaliyyəti haqqında söylədiyi bu kəlam əks etdirilmişdir.

(“Hər bir demokratik dövlətdə, hakimiyyət bölgüsü prinsipi əsasında qurulmuş dövlətdə qanunvericilik fəaliyyəti çox mühüm əhəmiyyət kəsb edir”)