05.08.2020 "Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Layihə


"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

 

AZƏRBAYCAN RESPUBLİKASININ QANUNU

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci bəndinə uyğun olaraq qərara alır:

 

"Məşğulluq haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının  Qanunvericilik  Toplusu,  2018,  № 8,  maddə  1669;  2019,  № 1, maddə 35,

№ 3, maddə 381, № 12, maddə 1892; 2020, № 1, maddə 1; Azərbaycan Respublikasının 2020-ci il 1 may tarixli 71-VIQD nömrəli Qanunu) aşağıdakı dəyişikliklər edilsin:

1.  1-ci maddə üzrə:

1.1.  1.1.1-ci maddəyə "genişləndirilməsi," sözündən sonra "işaxtarışına və özünüməşğulluğa köməkliyin," sözləri əlavə edilsin;

1.2.  1.1.3-cü maddəyə "müəyyən edən" sözlərindən sonra "elektron" sözü əlavə edilsin;

1.3.   1.1.4-cü maddəyə "ibarət" sözündən sonra "elektron" sözü əlavə edilsin;

1.4.  1.1.5-ci maddədə "işsiz şəxslərin müvəqqəti məşğulluğunu təmin etmək" sözləri "müvəqqəti məşğulluğun təmin edilməsi" sözləri ilə əvəz edilsin;

1.5.  1.1.7-ci maddəyə "iş" sözündən sonra "və bu Qanunda nəzərdə tutulmuş hallarda aktiv məşğulluq tədbirləri" sözləri əlavə edilsin;

1.6.   1.1.17-ci maddə aşağıdakı redaksiyada verilsin:

"1.1.17. peşə hazırlığı - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) işaxtaran və işsiz kimi qeydiyyata alınan şəxslərin təhsil müəssisələrində ixtisasa (peşəyə) və (və ya) yeni ixtisasa (peşəyə) yiyələnmələri üçün bu Qanunun tələbləri nəzərə alınaraq, "Təhsil haqqında" və "Peşə təhsili haqqında" Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq peşə təhsili almaları;".

2.   4-cü maddə üzrə:

2.1.  4.4.1-ci, 4.4.2-ci, 4.4.3-cü və 4.4.4-cü maddələr aşağıdakı redaksiyada verilsin:

"4.4.1. bu Qanunun 4.1.1-ci maddəsində göstərilən məşğul şəxslərə münasibətdə:

4.4.1.1. Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq işəgötürənlə əmək müqaviləsi (kontrakt) bağlayaraq, müvafiq iş yerlərində əmək fəaliyyətini əməkhaqqı müqabilində yerinə yetirən şəxslər (bu Qanunun 4.4.1.2-ci maddəsində göstərilən şəxslər istisna olmaqla) barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.1.2. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 7-ci maddəsinin 2-1-ci hissəsinə əsasən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş dövlət orqanlarında müvafiq vəzifələrə (peşələrə) qəbul edilən (götürülən) məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabata uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.2. bu  Qanunun   4.1.3-cü  maddəsində göstərilən sahibkarlar, 4.1.2-ci, 4.1.4-cü, 4.1.5-ci və 4.1.7-ci maddələrində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları əsasında;

4.4.3. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən ailə kəndli təsərrüfatının üzvləri barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabat məlumatlarına uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatı" informasiya sisteminin yerli özünüidarəetmə orqanları tərəfindən ailə kəndli təsərrüfatı üzvləri barədə daxil edilmiş məlumatları əsasında;

4.4.4. bu Qanunun 4.1.3-cü maddəsində göstərilən mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı elektron informasiya sisteminin daşınmaz əmlakın qeydiyyatına dair və məcburi dövlət sosial sığorta haqları üzrə sığortaedən tərəfindən təqdim edilmiş hesabatlara dair məlumatları və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) apardığı "Elektron kənd təsərrüfatı" informasiya sisteminin məlumatları əsasında;";

2.2.   4.4.5-ci, 4.4.6-cı, 4.4.7-ci, 4.4.9-cu, 4.5-ci və 4.6-cı maddələr ləğv edilsin;

2.3.   4.4.8-ci maddədə "qurumun" sözü "orqanın (qurumun)" sözləri ilə əvəz edilsin;

2.4.   4.4.10-cu maddə aşağıdakı redaksiyada verilsin:

"4.4.10. bu Qanunun 4.1.8-ci maddəsində göstərilən məşğul şəxslər barədə - müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq əldə etdikləri məlumatlar əsasında.";

2.5.   4.7-ci maddə aşağıdakı redaksiyada verilsin:

"4.7. Bu Qanunun 4.4.10-cu maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) bu Qanunun 4.1.8-ci maddəsində nəzərdə tutulmuş məşğul şəxslərə dair məlumatları əldə edildiyi gündən ən geci 1 (bir) ay müddətində müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) elektron formada təqdim etməlidir.";

2.6.   4.8-ci maddədə "4.4.3-cü, 4.4.8-ci və 4.4.9-cu" sözləri "4.4.2-ci, 4.4.3-cü və 4.4.8-ci" sözləri ilə əvəz edilsin;

2.7.   4.9-cu maddədə "4.6-4.8-ci" sözləri "4.7-ci və 4.8-ci" sözləri ilə əvəz edilsin və həmin maddədən habelə mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olan şəxslər" sözləri çıxarılsın.

3.   5-ci maddə üzrə:

3.1.   5.4-cü maddədə birinci halda "elektron" sözü "avtomatlaşdırılmış" sözü ilə əvəz edilsin;

3.2.   5.9.4-cü və 5.11.5-ci maddələrə "ərizə" sözündən əvvəl "elektron" sözü əlavə edilsin;

3.3.   aşağıdakı məzmunda 5.10-1-ci maddə əlavə edilsin:

"5.10-1. Bu Qanunun 5.8-ci və 5.10-cu maddələrinə əsasən işaxtaran və ya işsiz kimi qeydiyyatdan müvəqqəti çıxarılmış şəxslərin qeydiyyatı onların elektron müraciəti əsasında həmin maddələrdə nəzərdə tutulan hallar aradan qaldırıldığı və ya müddət bitdiyi halda, müraciət edildiyi gündən sonrakı ayın 1-dən bərpa edilir.";

3.4. 5.11.6-cı və 5.12.3-cü maddələrdən "ali və orta ixtisas" sözləri çıxarılsın;

3.5. 5.12.5-ci maddəyə "hallar" sözündən əvvəl ", habelə işsiz və işaxtaran şəxslərin haqqı ödənilən ictimai işlər ilə bağlı əmək münasibətlərinə xitam verildiyi" sözləri əlavə edilsin.

4. 6-cı maddə üzrə:

4.1. 6.2-ci maddəyə "uzaqlığı" sözündən sonra "ilə bağlı şərtlər (tələblər)" sözləri əlavə edilsin;

4.2. 6.4.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"6.4.2. peşə hazırlığından imtina edənlər;".

5. 10.2.2-ci maddədən "peşəyönümünə və" sözləri çıxarılsın.

6. 11.4-cü maddədə "göndərilmiş" sözü "göndəriş verilmiş" sözləri ilə əvəz edilsin.

7. Aşağıdakı məzmunda 12.4-cü maddə əlavə edilsin:

"12.4. Respublika və ərazi məşğulluq proqramlarının hazırlanması qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir.".

8. 18.7-ci maddədə "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir" sözləri "müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sisteminə daxil edir" sözləri ilə əvəz edilsin.

9. 20.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"20.2. İşsiz şəxslərin, habelə il ərzində müvafiq inzibati ərazi vahidi üzrə peşə hazırlığına cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaq şərtilə işaxtaran şəxslərin peşə hazırlığı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənişsiz təşkil olunur, işaxtaran şəxslərin (bu maddədə göstərilən hal istisna olmaqla) peşə hazırlığı ödənişli əsaslarla həyata keçirilir.".

10. Aşağıdakı məzmunda 20.5-ci maddə əlavə edilsin:

"20.5. "Peşə təhsili haqqında" Azərbaycan Respublikası Qanununun 9.9-cu maddəsinə uyğun olaraq, peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əlavə təhsili, o cümlədən peşənin öyrənilməsi, ixtisasın artırılması, yenidən hazırlıq, yaşlıların təhsili və digər təhsil istiqamətləri üzrə müvafiq kurslarda altı ayadək müddətdə həyata keçirilir.".

11. 21-ci maddə üzrə;

11.1. 21.1-ci maddə aşağıdakı redaksiyada verilsin:

"21.1. Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) mülkiyyət növündən və təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisələrdə aşağıdakı şəxslərin müvəqqəti məşğulluğunu onları haqqı ödənilən ictimai işlərə cəlb etməklə təşkil edir:

21.1.1. işsiz şəxslərin;

21.1.2.   il ərzində müvafiq inzibati ərazi vahidi üzrə ictimai işlərə cəlb olunan işsiz şəxslərin 20 faizindən çox olmamaqla işaxtaran şəxslərin.";

11.2. 21.3-cü maddə aşağıdakı redaksiyada verilsin:

"21.3. Haqqı ödənilən ictimai işlərə cəlb olunan işsiz və işaxtaran şəxslərin əməyinin ödənişi Azərbaycan Respublikasının Əmək Məcəlləsinə uyğun olaraq həyata keçirilir.";

11.3.   21.4-cü maddəyə "sığorta vəsaiti" sözlərindən sonra ", habelə qanunla müəyyən edilən digər mənbələr" sözləri əlavə edilsin.

12.   22.1-ci maddəyə "şagirdlərinin" sözündən sonra ", habelə onların valideynlərinin" sözləri əlavə edilsin.

13. 23.1-ci maddəyə "əmək birjaları" sözlərindən əvvəl "elektron" sözü əlavə edilsin.

14. 24-cü maddə üzrə:

14.1.   24.1.3-cü maddəyə "hazırlanmasında yardım edilməsi" sözlərindən sonra ", o cümlədən təlimlərin keçirilməsi və nəticələrinin qiymətləndirilməsi" sözləri əlavə edilsin;

14.2. 24.1.4-cü maddədə "2 (iki)" rəqəm və sözü "1 (bir)" rəqəm və sözü ilə əvəz edilsin;

14.3. 24.2-ci maddə üzrə:

14.3.1. "monitorinqini" sözündən sonra "(o cümlədən elektron şəkildə)" sözləri əlavə edilsin;

14.3.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin elektron monitorinqinin həyata keçirilməsi məqsədilə əmlak verilmiş şəxslər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə fəaliyyəti ilə bağlı məlumatları daxil etməyə borcludurlar, özünüməşğulluğa cəlb olunmuş şəxsin fəaliyyətinin elektron monitorinqi və əmlak verilmiş şəxslər tərəfindən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) mərkəzləşdirilmiş elektron informasiya sisteminə fəaliyyəti ilə bağlı məlumatların daxil edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.".

15.   25.2-ci maddə aşağıdakı redaksiyada verilsin:

"25.2. Əməkhaqqının işsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən hissəsinin məbləği işəgötürənin ştat vahidi üzrə nəzərdə tutulmuş əməkhaqqının və əməyin ödənişi fondundan hesablanan əməkhaqqından tutulmaların 50 faizini təşkil edir. İşsizlikdən sığorta vəsaiti hesabına maliyyələşdirilən əməkhaqqının məbləği müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən əvvəlki il üçün müəyyən edilmiş ölkə üzrə orta aylıq nominal əməkhaqqından çox ola bilməz.".


Azərbaycan Respublikasının Prezidenti



Qanun layihəsinin müzakirəsində iştirak edin
Ad:
E-poçt:
Mövzu:
Mövzu:


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi