ABŞ PARLAMENTARİLƏRİ MİLLİ MƏCLİSDƏ

29/09/16
Sentyabrın 29-da Milli Məclis Sədrinin birinci müavini Ziyafət Əsgərov Bakıda keçirilən V Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün ölkəmizdə səfərdə olan ABŞ-ın qərb regionundan olan qanunvericilərdən ibarət nümayəndə heyəti ilə görüşdü.
Qonaqları salamlayan Ziyafət Əsgərov bildirdi ki, Azərbaycan 1991-ci ildə ikinci dəfə müstəqillik qazandıqdan sonra ölkəmizin müstəqilliyini tanıyan ilk ölkələrdən biri də ABŞ-dır. Bu gün Azərbaycan  və Amerika Birləşmiş Ştatları strateji tərəfdaşdırlar. ABŞ həmişə Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən transmilli layihələrə dəstək verib və bu layihələr uğurlu olub. Hazırda Azərbaycan öz tolerantlığı ilə seçilən ölkələrdəndir. Azərbaycan müasir müsəlman dövləti olsa da, burada yəhudilər, xristianlar, pravoslavlar, katoliklər qardaş kimi yaşayırlar. Biz demokratik, dünyəvi, insan hüquqlarına hörmət edən ölkə qurmuşuq. Lakin uzun illərdən bəri davam edən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bizim inkişafımıza mane olur. BMT Təhlükəsizlik Şurasının bununla bağlı 4 qətnaməsi hələ də Ermənistan tərəfindən yerinə yetirilməmiş qalır. Ziyafət Əsgərov münaqişənin həlli üçün beynəlxalq hüququn işləməsinin və ABŞ-ın dəstəyi ilə ədalətin bərpa olunmasının vacibliyini diqqətə çatdırdı. 
Söhbət zamanı qonaqlara Ermənistanın Azərbaycan xalqına qarşı törətdiyi Xocalı soyqırımı barədə də məlumat verildi. 
Sonra görüşdə ABŞ qanunvericilərini maraqlandıran suallara aydınlıq gətirildi, qarşılıqlı maraq doğuran məsələlərə dair fikir mübadiləsi aparıldı.

Milli Məclisin
Mətbuat xidməti


Müəllif hüquqları qorunur.
© Azərbaycan Respublikasının Milli Məclisi, 2007
İstifadə qaydaları | Əlaqə | Linklər | Saytın xəritəsi